Məmməd Səid Ordubadi. Əsərləri Məmməd Səid Ordubadi (1872–1950) == Qılınc və qələm == Xərabat Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar. Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi. Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların bir çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və “Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” – deyə qışqırmaq icazəsi verilmişdi. Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu. Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçələrə çıxarılırdı. Əynində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs “yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı. Minlərcə azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu. Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas, küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi: – Sən mənə, boğazdan yuxarı “yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsa xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi? Fəxrəddin çox yavaşdan cavab verdi: – Öz hökmranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar. Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi: – Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfuzu çoxalmaqdadır. İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrulbəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar. Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və camaata qoşulub xətibi gözləməyə başladılar. Fəxrəddin fikirli halda başını qaldırıb, İlyasa dedi: – Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda, təzə bir müsibətin elanını da verəcəkdir. İlyas Fəxrəddinə əyri bir nəzərlə baxıb soruşdu: – Nə kimi müsibət? – Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar. İlyas yenə də ona sual verdi: – Sən buna nə cür baxırsan? – Nə cür baxacağam? Azərbaycan torpağı deyil ki, müdafiə edək. İlyas etiraz edərək dedi: – Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yanlış bir fikirdir. Fəxrəddin təəccüblə soruşdu: – Bu fikrin yanlışlığı harasındadır? – Doğrudur, Rey bizimki deyil, Həmədan necə, bizimdir, ya yox? – Bizimdir, Azərbaycanın qədim paytaxtıdır. – Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə mancə törətdiyi görülmüşdür. Hayıf ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki, qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır. İlyasla Fəxrəddin bu söhbətləri edərkən Gəncə xətibi öz müridləri ilə Gəncə hakimi Əmir İnanc da öz əsgər və qulamları ilə bərabər Məlikşah meydanına daxil oldular. Lakin bunlar xalq tərəfindən çox da təntənə ilə qarşılanmadılar. İlyasla Fəxrəddin də əhaliyə qoşulub Səncər məscidinə daxil oldular. Xətib minbərə çıxıb, birinci növbədə, Atabəy Məhəmmədin Marağa və Təbriz altındakı müharibələrdə qazandığı qələbənin xəbərini verdi. Lakin bu xəbər xalqı tərpədə bilmədi; əhali bu xəbəri çox soyuqqanlılıqla qarşıladı. Xətib xəlifə və Atabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. Dualara qarşı deyilən: – Amin... Amin! – kəlmələri də ürəklərdən yox, boğazlardan çıxırdı. “Amin” səsləri o qədər zəif idi ki, camenin mərmər sütunları və qövsi tağları altında itib gedirdi. Ürəkdən “amin” deyənlər ancaq xətibin müridləri və Əmir İnancın nökərləri idi. Bu vəziyyət həm Gəncə xətibinə, həm də Əmir İnanca çox piç təsir bağışladı. Əmir İnanc xalqın soyuq münasibətini hiss edincə başını uzadıb Gəncə xətibinin qulağına nə isə pıçıldadı. Bu anda Fəxrəddin də ağzını İlyasın qulağına uzadıb: – Müvəffəqiyyət! Müvəffəqiyyət! Xalqdakı dönüşü hiss edirsənmi? Bunu haramzadə hakim də hiss etdi. Xətibin qulağına, şübhəsiz ki, bu barədə pıçıldadı, – dedi. Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi. Xətib minbərdən yerə düşməmiş, əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. Bu hadisə də Əmir İnanca və Gəncə xətibinə qarşı bir hörmətsizlik kimi nümayiş edildi. Meydanda yığılan xalq bu barədə danışmağa və pıçıldaşmağa başladı. Məscidin qapısında Əmir və onun əyanları üçün yəhərlənmiş atlar saxlandığı kimi, xətibin müridləri də ağ ulaqları hazır saxlamışdılar. Xətiblə Əmir məsciddən meydana çıxdıqları zaman yenə də pıçıldaşmaqda davam edirdilər. Əmir xətibə olan hörmətini meydanda yığılan əhaliyə göstərmək üçün uzunqulağın üzəngisindən tutub xətibi mindirdi, sonra isə özü atına minib yola düşdü. Əmiri atlı nökərlər, əyanlar, xətibi isə yüzlərcə müridləri piyada olaraq müşayiət edirdi. Küçələr “Yol ver, çəkil! Başını əy!” səsləri ilə dolmuşdu. Əmir İnanc Gəncə xətibini və Gəncənin əyanlarını Atabəy Məhəmmədin qələbə bayramı şərəfinə düzəlmiş ziyafətə dəvət etmişdi. Buna görə də şəhərin əyanları və xətibin müridləri xətibin və əmirin dalınca gedirdilər. Təntənə ilə keçən bu dəstə, hökumət sarayına getmək üçün yaxın bir yol seçməyə məcbur idi. Onlar Xərabat küçəsinin tinindən keçərək, Əlmənsur küçəsi ilə başıyuxarı qalmalı idi. Dəstələr birdən-birə dayandı. Keçməyə yol yox idi. Pir Osman küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir və başqa küçələrdən gəlib keçmək istəyənlərə yol vermirdi. Əmir atının, Gəncə xətibi isə uzunqulağının cilovunu çəkib dayandı. Minlərcə əhalinin heç birisindən səs çıxmırdı. Pəncərədən eşidilən incə nəğmələr, musiqi səsləri kütləni özünə cəlb etmişdi. Oxunan rübailərin hər bir kəlməsini və çalınan udun naləsini eşitmək mümkün idi. Əmir və xətib dayanıb durmuşdular. Onlar qadın barmaqlarında inləyən pərdələrdən, qadın dodaqlarından çıxan misralardan ayrılıb gedə bilmirdilər. Onlar da xalqa qoşulub mənliyini itirmişdilər; onlar da pəncərədən eşidilən səsləri öz qanına yeritmək və onu öz ruhunda həzm etmək üçün bütün varlıqları ilə qulaq asırdılar. Əmir və xətibin dəstəsi dayandığı zaman köşkün pəncərəsindən belə bir mahnı ətrafa yayılırdı: “Gər mülki tö Misr, Rum, Çin xahəd bud, Afaq türa ziru nikin xahəd bud. Xoş baş ki, aqibət nəsibi mənu tü, Yek gəz kəfən, se gəz zəmin xahəd bud”. Pəncərədən eşidilən bu rübai küçədə duranlar tərəfindən böyük bir maraqla qarşılandı. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. Səs-küy ucaldı və dəstələrin hamısından: “Bir daha! Bir daha!” sözləri eşidildi. Əmir İnanc Hüsaməddinə sual verdi: – Bu ev kimin evidir? Hüsaməddin baş endirib: – Bu ev məşhur şairə Məhsəti xanımındır, – dedi. – Oxuyan kimdir? – Oxuyan Məhsəti xanımın özüdür. Musiqi və nəğmə müəlliməsidir. Bir ay əvvəl cənab xətibin şikayət etdiyi əxlaqsız qadındır. Xalqın qızları bunun yanına gəlib, musiqi və nəğmə dərsi oxuyurlar. Hüsaməddinlə Əmir İnancın söhbəti bitməmiş pəncərədən daha bir musiqi nəğməsi eşidildi: “Yek dəst bə mushəfəm, yek dəst bə cam, Gəh nəzdü həlaləmü, gəhi nəzdü həram. Maim dər in günbədü nə püxtə, nə xam, Nə kafəru mütləq, nə müsəlmanü təmam”. Bu rübai eşidildikdən sonra iki səs ucadan: – Əhsən, yüz əhsən! – dedi. Bunların birisi Fəxrəddin, o birisi isə İlyas idi. Dəstələrin içərisində də gurultu eşidilirdi. “Yaşa, yaşa!” səsləri bir-birini təqib edirdi. Xətib uzunqulağın başını çevirib Əmir İnanca yanaşdı və dedi: – Kafirdir, ədəbsizdir! Bunu Gəncə xalqının başından rədd etmək lazımdır. Bu anda Məhsəti xanım da “yaşa, yaşa!” – deyə qışqıranlara razılıq vermək üçün başını pəncərədən eşiyə çıxartdı. Onun ixtiyarlaşmış başının ağarmağa başlamış saçları, gülümsər və təbəssümlü gözləri, minlərcə rübainin xəzinəsi sayılan sinəsi görünərkən, xətibin müridləri belə gözlərini pəncərəyə dirəyib böyük şairə və müəlliməyə baxmağa başladılar. Xətib bu vəziyyəti görüncə müridlərinə əmr verdi: – Daşa basın! Dağıdın bu fisq-fücurun yuvasını! Pəncərə örtüldü, sanki bir günəş buludun altına çəkildi. Musiqi və rübai səslərini pəncərəyə və divarlara toxunan daşlar əvəz etdi. Lakin xalq dəstələri xətibin və Gəncə hakiminin bu kimi vəhşiliyinə qarşı öz nifrətini gizlədə bilmədi. Xətibin müridlərinə hücum etdilər. Onları döyüb Məhsəti xanımın qapısından kənara atdılar. Xətibin müridlərindən bir çoxu ölmüş və yaralanmışdı. Xətibin özü isə Əmir İnancın sarayında gizlənməklə yaxasını xalqın intiqamından qurtara bilmişdi... Üç gün sonra İlyasla Fəxrəddin Pir Osman məhəlləsində görüşdülər. Fəxrəddin birinci növbədə İlyasın əlini sıxaraq sevincli bir səslə dedi: – Biz düşünən kimi oldu. Kütlələr Əmir İnanca qarşı hörmət bəsləmirlər. İndi başqa bir məsələ də vardır. – Nə kimi məsələ? – deyə İlyas soruşdu. – Atabəyin təzə səfərbərliyinə əngəl törətmək məsələsi. – Bu yalnız Gəncənin işi deyil, buna bütün Azərbaycanı hazırlamaq lazımdır. Sən getməsən də, Atabəy Cənubi Azərbaycanı səfərbərliyə ala bilər. Fəxrəddin etiraz edərək dedi: – Fikrinizlə şərik deyiləm. Rəhbərlik daima Şimali Azərbaycanın vəzifəsi olmuşdur. Paytaxt Həmədanda olduğu üçün Atabəy hökuməti zülmlərinin bütün ağırlığı Cənubi Azərbaycanın üzərinə düşür. Biz onlara rəhbərlik etmiş olsaq, onlar üsyana tez qoşula bilərlər. Buna görə də şimalda başlanmış üsyanın xəbərini Cənubi Azərbaycana yaymaq lazımdır. Üsyan etmək üçün bu gündən daha əlverişli gün əlimizə düşməyəcək. İlyas bir az düşünərək dedi: – Doğru deyirsən. Lakin üsyan əsaslı və siyasi bir məqsəd daşımadıqca, xalqı vaxt ikən o məqsədlər ətrafında səfərbər etmədikcə, ümumi üsyan məsələsindən danışmaq artıqdır. Üsyanın arxasında silahlı qüvvə lazımdır. Bu qüvvə olmadan, başıpozuq xalqla hökumət qarşısına çıxmaq savadsızlıqdır. Xüsusən Cənubi Azərbaycan barəsində ehtiyatlı olmaq lazımdır. Çünki Atabəylər İraq və Bağdad qoşunlarının köməyilə Cənubi Azərbaycanı bir neçə günün içərisində xarabazara döndərə bilərlər. İndi de görüm, elə bir hadisədə sənin köməyə getmək üçün silahlı qüvvən vardırmı? Fəxrəddin dərin-dərin düşünəndən sonra bir ah çəkərək dedi: – Təəssüf olsun ki, o qüvvə bizdə yoxdur. Lakin mən onu düzəldəcəyəm. Bunun üçün də mən bütün fikrimi silah işlətməyə vermişəm. – Belə də lazımdır. Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir. Fəxrəddin İlyasa bir sual da verdi: – Sənin Təbrizdə tanışın vardırmı? – Vardır, Şəmsəddin İbn Süleyman bizimlə həmfikir bir gəncdir. Mən səni onunla tanış edərəm. * * * Günəş Sultan Səncər camesinin minarəsinin mavi rəng kaşılarını işıqlandırmağa başladığı zaman quşlar da günəşi salamlamaq üçün zərdəşti nəğmələri oxuyurdu. İlyas adəti üzrə otağından çıxıb, qərənfil güllərini sulamaq istəyirdi. O, qızılgüllərin ətrafında dolaşan bülbülləri rahatsız etməmək üçün qədəmlərini çox ehtiyatla götürürdü. Birdən qapı bərk döyüldü. Bu, İlyasın qaçırmamağa səy etdiyi quşların qaçmasına səbəb oldu. İlyas çox narazı bir surətdə qapıya getdi, qapıda Fəxrəddini görüb: – Öz ehtiyatsızlığın nəticəsində sakit bir cəmiyyətin rahatsızlığına səbəb oldun. Mən bu gündən etibarən qapının çax-çaxını çıxarıb atmalıyam. Mən quşlardan eşq və məhəbbəti öyrənirəm, onlar isə məndən ülfət və dincliyi öyrənir. Fəxrəddin ağızucu dedi: – Bəli, elədir. Lakin... Fəxrəddin sözünü yarımçıq qoyub daha danışmadı. – Nə üçün sözünü bitirmədin? – Ah İlyas, ülfət və dincliyi yalnız sənin həyatında yox, bütün məmləkətdə qurmaq lazımdır. Hazırda Atabəy Məhəmmədin cəza dəstələri Məlikşah meydanında dar ağaclarını qurmaqdadır. İlyas evə gedib paltarını dəyişmək istərkən: – Burada təəccüb yeri yoxdur, – dedi. Bu olacaq idi. – Bəla burasındadır ki, Məhsəti xanım yaşayan məhəlləni dağıdırlar. Məhsəti xanımı bir tərəfə qaçırmaq lazımdır. Bütün fəlakət ancaq onun ətrafında dolaşır. Onlar evdən çıxdılar. Pir Osman məhəlləsinə tərəf yollandılar. Xərabat məhəlləsinin tininə yetişərkən, oranın hökumət qoşunları tərəfindən mühasirə edildiyini gördülər. Ətraf küçələr başıpozuq camaatla dolu idi. İrəli hərəkət etmək mümkün deyildi. Xətibin müridləri bütün təşəbbüsü əllərinə almışdılar. Məhsəti xanımı görmək və son kərə onunla görüşmək üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabat məhəlləsinin tininə yığışmışdılar. Məhəllə qarət olunurdu. Evlər binasından sökülüb dağıdılırdı. Toz məhəllənin ətrafını bürümüşdü. Tozun içərisində nələr olduğundan kimsənin xəbəri yox idi. Oradan ancaq ağlamaq, qışqırıq, qamçı səsləri eşidilirdi. Bir neçə saatdan sonra toz təbəqələri parçalandı, bir dəstə mürid tozdan ayrıldı. Onlar saçları bir-birinə qarışmış bir qadını, təhqirli söyüşlərlə söyə-söyə gətirirdilər. Qadın Məhsəti xanım idi. Lakin şairə öz vüqar və əzəmətini pozmamışdı. O, sıra ilə düzülən xalqın içərisindən ətrafa baxa-baxa gedir, göz gəzdirib öz dostlarını axtarırdı. Demək lazımdır ki, bir yığın mürid və mövhumatçılardan başqa, Xərabat məhəlləsi ətrafına yığılan xalq onun dostu idi. Məhsəti bir kərə üzünü xalqa tutaraq: “Vurun bu alçaq mövhumatçıları!” – desəydi, Gəncədə bir üsyan başlanacaqdı, ancaq Məhsəti qan tökülməsini istəmədi. O, gözlərini dolandırıb Əmir İnancı gördüyü zaman belini düzəldərək ona diqqətlə baxdı. Əmir İnanc atın üstündə durub məhəllənin dağıdılmasına tamaşa edirdi. Məhsəti xanım Əmir İnancın yanında durub bu rübaini oxudu: Dünya bəməsəl çü kuzeyi zərrinəst, Kəh ab dəru təlx, kəhi şirinəst. Tə ğürrə məşov ki, ümri mən çəndinəst, Çün əsbü əcəl həmişə ziru zinəst. Əmir İnanc heç bir cavab vermədi. O, əhalinin üsyanından qorxurdu. Məhsəti xanımı şəhərdən çıxarmağa məmur olanlar onu Əbubəkr kəndinin yanına qədər aparıb, oradan qayıtdılar. Məhsəti xanımın yanında ancaq sadiq və səmimi xidmətçisi Yəqub qalmışdı. Onlar çox yorulmuşdular. Dincəlmək üçün “Çadır bulağı” adlı çeşmənin başında oturdular. Qaranlıq düşürdü. Məhsəti xanım bir daha dönüb Gəncədən gəldiyi yollara baxdı və Yəquba müraciət etdi: – Deyəsən uzaqdan qaraltılar görünür. Əmirin adamları olmasın?! Yəqub bir neçə dəqiqə uzaqdan görünənləri nəzərdən keçirdi. Qaraltılar getdikcə böyüməkdə və canlı bir şəkil almaqda idi. Nəhayət, bir azdan sonra gələnlərin Fəxrəddin və İlyas olduğu anlaşıldı. Məhsəti xanım onların əlini sıxaraq: – Sizin gəlişinizdən sanki mən öz vətənimə qayıtdım. Nə edim? Bu fəlakətə özümüz səbəb olmadıq. Bizim əsas düşmənimiz gəncəlilərin düşdüyü mövhumatdır. Onlar hələlik musiqi sənətinin qiymətini xətiblərin tərəzisi ilə ölçürlər. Nə Əmir, nə də onun qoşunları bizə bir şey edə bilərdi. Bizi ancaq xalqın avamlığı və düşüncəsizliyi məğlub etdi. Lakin onlar mənim evimi dağıtsalar və mənim əsərlərimi cırıb yandırsalar da, xalqın qəlbini yarıb mənim rübailərimi oradan silməyi bacarmayacaqlar. Onlar məni qovsalar da, xalqın qulağını vətən etmiş səsimi bu məmləkətdən qova bilməyəcəklər. Fəxrəddin və İlyas Məhsəti xanım üçün gətirdikləri yol tədarükünü, paltarları və yemək şeylərini Yəquba tapşırdıqdan sonra: – Məktub göndər, biz də göndərəcəyik. Biz əminik ki, bu hadisələr sənin təbinə daha mühüm təkanlar verəcəkdir, – deyə ayrıldılar. Məhsəti xanımla Yəqub yola düşdülər. İlyas durub Məhsəti xanımın dalınca baxırdı. Gedənlər qaranlığın qoynuna girib gözdən itərkən o: – Gəncənin qəzəlxan bülbülü susdu, rübaimizin dahi sənətkarını bizdən ayırdılar, – deyərək Gəncəyə tərəf döndü. * * * Axşam idi. Əmir İnanc Gəncə çayına hakim olan uca köşkündə oturub dalını yumşaq balışlara söykəmişdi. O, çox diqqətlə, oynamaqda olan rəqqasələrin titrək döşlərinə baxdıqca əlindəki inci təsbehin dənələrini dolu kimi bir-birinin üstünə axıdırdı. Sultan Səncər camesinin minarəsindən “Allahu əkbər” səsi eşidildi və “Allahu əkbər, kəbirən kəbira” – dedi. Musiqi səsi kəsildi. Rəqqasələr Əmirin qarşısında baş vurub çəkildilər. Sanki azançının minarədən yüksələn “Allahu əkbər” səsi ancaq rəqqasələrə istirahət vermək üçün bir işarə idi. Əmir İnanc qalxıb fəvvarəli hovuzun kənarında dəstəmaz almağa başladı. Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar. Namaz otağına keçdilər. Canamazlar rəqqasələrin oynadığı xalçaların üzərində açıldı, namaz qılanlar Allahı xatırlayaraq gözəl rəqqasələrin qədəmləri dəyən yerləri öpmək üçün səcdəyə düşdülər. Şam və xüftən namazı bitdi. Namazdan sonra, canamazların yerində şərab süfrələri açıldı. Namazlarında istədikləri huriləri əvəz etmək üçün gözəl qızlar, gənc saqilər salona daxil oldular. Musiqi dəstəsi öz işinə başladı, rəqqasələr yenə gəldilər. Allahın borcunu verib bitirənlər öz şəhvətlərini söndürməyə başladılar. * * * Gecədən çox keçmişdi, şərab büsatı da yığışmışdı. Əmir İnanc, sevgili qadını xəlifənin qızı Safiyə xatun və gözəl qızı Qətibənin yanında idi. Xidmətçi içəri girib: – Hüsaməddin cənabları gəlib sizi görmək istəyir, – dedikdə, Əmir: – Buyursun! – deyə yenə də gözəl Qətibənin saçlarını oxşamağa başladı. Hüsaməddin içəri girib baş əydi və dedi: – Araz çayını keçmək istəyən bir nəfər qasid tutulub Gəncəyə göndərilmişdir. Əmir soruşdu: – Qasid haradadır? – Hazırdır, ya Əmir! – Yanıma gətirin! Hüsaməddin getdi, az sonra yanında Məhsəti xanımın xidmətçisi Yəqub salona daxil oldu. Əmir, Yəqubu başdan ayağa qədər gözdən keçirdikdən sonra dedi: – Kimin tərəfindən qasidsən? Amma onu da bilməlisən ki, nicatın doğru danışmaqdadır. Yəqub heç də təxir etmədən: – Yalan demək üçün bir səbəb yoxdur. Mən Zəncandan Məhsəti xanım tərəfindən Gəncəyə göndərilmişəm. Məni tutmasaydılar da, bura gələcəkdim. – Nə iş üçün göndərilmisən? – Məhsəti xanımın anasına və İlyas adlı gənc bir şairə məktub gətirmişəm. – Gətirdiyin məktublar hanı? – Məktubları Araz çayından bu tərəfə keçdiyim zaman sizin adamlarınız aldı. Hüsaməddin məktubları çıxartdı və: – Ya Əmir, məktublar budur, – deyərək iki məktubu Əmirə uzatdı. Əmir birinci məktubu açıb oxuduqdan sonra ucadan: – Sübhanallah! – dedi, – bir qadın, özü də əxlaqsız bir qadın, gör nə kimi məsələlərlə məşğuldur! Bu sözləri dedikdən sonra, Hüsaməddinə müraciətlə: – Eşit, gör o xanəndə və şeir yazan əxlaqsız nə yazır, – dedi: “Əziz dostum İlyas! Çox zəhmətlərdən sonra gəlib Zəncan şəhərinə çatdım. İkinci gün “Əxi Fərruxun” ziyarətinə getdim. Əxi Fərrux o qədər sevimli və xoş əqidə, xoşsöhbət bir adamdır ki, mən onunla görüşdüyümün birinci saatında Gəncə ruhanilərindən gördüyüm təhqirləri tamamilə unutdum. Əxi Fərruxun əqidəsi xalqların dostluğunu qurmaq əqidəsidir. Bu əqidə haqqında hərtərəfli məlumat yığdım. Bunun Şimali və Cənubi Azərbaycanda inkişaf etdirilməsinə çalışmaq lazımdır. Bu əqidəni daşıyanlar arasında qardaşlıq əlaqəsi mövcuddur. Ona görə də bunlar özlərinə “Əxi” adı veriblər. Sənin barəndə cənab Əxi Fərruxla danışdım. Sənin şeirlərindən də ona oxudum. O sənin gələcəkdə zəki və məşhur bir şair olacağına inandı və mənə böyük ümidlər verdi. Dostum İlyas! Mənim başıma gələn fəlakət sənin mətanətini qırmasın. Zəmanə bu məhvər üzərində uzun zaman davam edə bilməyəcəkdir. Bu günlər Zəncandan köçüb Bəlx şəhərinə gedirəm, oradakı şairlərlə görüşmək istəyirəm. Hərgah yolun düşərsə, bizim məhəlləmizə get, anamı axtar tap, ona təsəlli ver. O mənim şeir və musiqi sənətimdən bir həzz apara bilmədi; onu daima mənim səbəbimə təhqir etdilər. Məktubumun cavabını yazıb öz təzə şeirlərinlə bərabər Yəquba tapşır. Yazdığım rübailəri də sənin üçün göndərirəm. Fəxrəddinə salam! Zəncan, Məhsəti Gəncəvi”. Məhsəti xanım ikinci məktubu da öz anasına yazmışdı. Əmir İnanc məktubları oxuyub Hüsaməddinə acıqlandı: – Məmləkət idarə edən adam sizin kimi olmaz! Ölkənin qadın və qızlarından başlamış gənclərinə qədər siyasi məsələlərlə məşğuldurlar. Bəs siz nə işdəsiniz?! Bu nə deməkdir? “Zəmanə bu məhvər üzərində çox da davam edə bilməyəcəkdir”. Bunu kim deyir?! Şair və xanəndə bir qadın... Get bu saatda adına məktub gələn İlyası və məktubda adı çəkilən Fəxrəddini hüzurumda hazır et! Hüsaməddin baş endirib getdi. Əmir yenə də qızı Qətibəni yanında əyləşdirib onun saçlarını oxşamağa davam etdi. Qətibə, Məhsəti xanımın məktub göndərdiyi gənc İlyasla çox maraqlanırdı. O, Məhsəti xanım kimi şöhrətli bir şairənin, öz gözəlliyilə bütün Şərq ölkələrində məşhur olan bir qadının, adi adamlara məktub göndərməyəcəyinə inanırdı. Buna görə də gözəl Qətibə İlyası cürbəcür simalarda təsəvvürünə gətirir və ona müəyyən bir şəkil verməyə çalışırdı. O, İlyası gah bir qəhrəman kimi düşünür, gah sakit və aciz bir tələbə kimi xəyal edirdi, lakin yenə də bu təşbihin üzərində dayanmayaraq öz-özünə deyirdi: “Yəqin ki, o çox gözəldir. Gözəl və mərifətli bir gənc olmasaydı, Məhsəti xanım ona məktub göndərməzdi”. Bu düşüncələrdən sonra Qətibə yenə də İlyasa verdiyi şəkilləri öz qəlbində araşdırır, bir-bir təhlil edir və deyirdi: “Qəhrəmanlıq o qədər də qiymətli bir şey deyildir. Dünyada pəhləvanlar çoxdur. Pəhləvanlarda axmaqcasına bir qorxusuzluq vardır. Məncə, qəhrəmanlıq bambaşqadır. İnsanlar öz güclü qolları, qılınc və nizələri sayəsində özlərini qəhrəman hesab etsələr də, həqiqi qəhrəmanlıq bu deyildir. Qəhrəmanlıq kişinin mətanəti, ağlı, fərasətilə ölçülür. Kişinin bir qadın kimi gözəl olması da faydasızdır. Kişinin gözəlliyi, ona aid olan xüsusiyyəti azaldır. Məncə, ağıllı qızlar kişiləri gözəl olduqları üçün deyil, kişi olduqları üçün sevməlidirlər”. Qətibə bundan sonra: “İndi İlyas gələcək, bağışlanmaq üçün atamın ayaqlarına düşüb ağlayacaqdır” – deyə düşünürdü. – “Hərgah o ağlarsa və yalvararsa, qəhrəman deyildir. Əbəs yerə Məhsəti kimi məşhur bir qadın onun adına məktub göndərmişdir”. Qətibə bunları düşündükdən sonra, atasına müraciət etdi: – Ata, indi haman oğlan bura gətirilərsə, sən onu öldürəcəksənmi? Əmir yenə də qızının başını sığallayaraq sual verdi: – Birisi sənin baban xəlifənin hökmranlığına qarşı xəyanət düzəldərsə, sən özün ona nə edərsən? Qətibə bir az düşünərək yavaşdan dedi: – Mən onun özünü görməmiş və nə cür gənc olduğunu bilməmiş heç bir söz deyə bilmərəm. Qətibənin bu sözündən həm Əmir, həm də Qətibənin anası Safiyə xatun qəhqəhə ilə güldülər. Qətibə isə utandı və başını aşağı salıb heç bir söz demədi. Bir azdan sonra Hüsaməddin daxil olub Əmirə baş əydi və: – İlyası tapıb gətiriblər, – dedi. Əmir: – Get yanıma gətir! – dedi və qadınına müraciət edərək: – Siz də durub gedin, – dedi. Safiyə xanım durub getdi. Qətibə isə Əmirin yanında qaldı. İlyası Əmirin otağına gətirdilər. O, qapının qabağında durub nə baş əydi, nə də salam verdi. Bu, Əmirə təsir etdi. O, acıqlı bir vəziyyət aldı və soruşdu: – Məmləkətdən sürgün edilmiş Məhsətinin fikirlərini Gəncədə intişar edən gənc şair İlyas sənsənmi? İlyas başını qaldırıb: – Hazırda mən öz fikirlərimi intişar etmək üçün özümə köməkçi axtarıram. Başqalarının fikrini yaymağa vaxtım yoxdur, – dedi. – Sən nə ilə məşğulsan ki? – Mən öz şerimi və öz əqidəmi intişar etməklə məşğulam. Əmir İnanc acıqlı bir surətdə gülərək dedi: – Hələ tezdir. Çox gəncsən. Əqidə intişarı ilə məşğul olmağının vaxtı deyil. – Əqidə daşımayan şeir şairin simasını göstərə bilməz. – Elə isə nə üçün Məhsəti xanımın fikirlərinə tərəfdar çıxmırsan? – Məhsətinin şeir və musiqi aləmindəki fikirlərinə tərəfdaram. – Onda sən onun hökumət əleyhinə olan fikirlərinədəmi tərəfdarsan? – Mən Məhsətinin hökumət əleyhinə olduğunu indicə eşidirəm. Lakin Əmir burasını bilməlidir ki, Məhsətinin buna haqqı vardır. – Onun hökumət əleyhinə olmasına nə kimi bir səbəblə haqq qazandıra bilərsən? – Məhsəti xanımın hökumət əleyhinə olmasında, şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. Hökumət onu nə üçün sürgün etdi? Yalnız və köməksiz bir qadını xalqa incəsənət öyrətdiyi üçün sürgün etmək, onda hökumətə qarşı mənfi bir əqidə oyandırmazmı? Əqidələr belə doğur, Əmir həzrətləri! Hökumət bir nəfər xətibin haqsız tələblərini razı salmaq üçün böyük bir şəhərin məhəbbətini itirdi. Bir məhəlləni kökündən qazdırıb atmaq, xalqın ürəyində hökumətə qarşı nifrət, haqsızlığa qarşı üsyan fikrindən başqa bir əqidə yarada bilməzdi. Mən də şairəm, mən də öz xalqımın iradəsini ifadə etməyə çalışıram. Əmir İlyası diqqətlə dinlədikdən sonra: – Əgər bu “xalqın iradəsi” sözünü bir də təkrar etsən, səni də Məhsətinin getdiyi yerə göndərəcəyəm. – Məni haman yerə getməyə məcbur etmək lazım deyil. Həyat bu məhvər üzərində davam edərsə, siz sürgün etməsəniz də, xalq özü dağılıb gedəcəkdir. Yaxşı diqqət verin, Aranda kim qalmışdır? Xalqın bir hissəsi Abxaza, bir hissəsi də Şirvana köçübdür. Qalanlarını isə siz sürgün edirsiniz. Qətibə qulunu atasının çiyninə qoyub İlyası dərin bir diqqətlə dinləyirdi. O öz qarşısında tam mənasilə ölüm və işgəncədən qorxu duymayan bir qəhrəman durduğunu hiss edirdi. O öz qəlbində: “Qəhrəmanlığın tələb edəcəyi hər bir xüsusiyyət bu gəncdə vardır. Belə bir gənci kim sevməz?! Hətta mənim özüm də belə bir qorxmaz adamı sevə bilərəm. Bunda özünü dünyaya tanıtmaq qabiliyyəti vardır. Mən bununla tanış olacağam. Bunun cəzalanmasına imkan verməyəcəyəm. Atam bunu cəzalandırmaq istərsə, ağlayacağam və onun qəzəbini soyudacağam” – deyirdi. Əmir xeyli sonra başını qaldırıb böyük bir təəccüblə İlyasdan soruşdu: – Kimin oğlusan? – Babam – Məhəmməd, atam isə Yusifdir. – Atan nə işdədir? – O, mən uşaq ikən ölmüşdür. – Demək ki, tərbiyəni anandan almısan? – Anam da mən körpə ikən ölmüşdür. – İndi kimin himayəsində yaşayırsan? – Dayılarım vardır. Lakin öz himayəmdə yaşayıram. – İndiyə qədər kimin himayəsində yaşayırdın? – Dayılarımın. – Onlar kimdirlər, adları nədir? – Kürdlərin nücəbasından – Qafar ağa, Abdulla ağa və Seyfəddin ağa. – Onlar hazırda nə işdədirlər? – Onlar burada deyillər, Bağdadda yaşayırlar. – Nə işdədirlər? – Xəlifənin xüsusi mühafizə dəstələrinin rəisləridirlər. – Dayıların xəlifənin sadiq qulları olduğu halda, nə üçün sən xəlifənin əleyhinə danışırsan? – Mənim dayılarım xəlifənin qulları deyil. Nə ana, nə də ata nəslimizdə qul olmuşdur. Bizim dayılarımız xəlifə himayəsində yox, əksinə olaraq xəlifənin özü dayılarımın qılıncı himayəsində yaşayır. Əmir: – Bu da təzə bir xəbər! İndi bir az da Məhsəti ilə əlaqəndən danış. – Əlaqə düzəltməyə çalışıram, təəssüf olsun ki, hələlik buna nail olmamışam. – Sən bunu özün üçün bir iftixarmı bilirsən? – Nə üçün də bu şərəfi daşımamaq? Məhsəti xanım olmasaydı, Şərqdə məşhur rübai sənətkarı Xəyyamın adı tək qalacaqdı. – İndiyə qədər Məhsəti xanımdan neçə məktub almısan? – Hələlik o cürə xoşbəxtlik mənim qapımı döyməmişdir. Əmir gülərək dedi: – Elə isə səni təbrik etmək lazımdır. Haman xoşbəxtlik qapını döyməyə başlamışdır. Məhsəti xanım sənin adına məktub göndərmişdir. Budur, haman məktub mənim əlimdədir. – Madam ki, ölkə xalqının bir-birinə məktub göndərməyə ixtiyarı yoxdur, o zaman başqalarını hökumət əleyhdarlığı ilə təqsirləndirməyin özü də haqsızlıqdır. Bu sözlərdən sonra nə İlyas, nə də Əmir danışdılar. Qətibə isə böyük bir həyəcanla işin nə ilə qurtaracağını gözləyirdi. İlyas nə ətrafına baxır, nə də öz yerindən qımıldanırdı. O, Əmirin böyük salonunda qoyulmuş tunc heykəllər kimi bütün ağırlığı ilə durmuşdu. Xeyli sonra Əmir başını qaldırıb dedi: – Səni məhv etmirəm, çünki səni məhv etmək xəlifənin ən yaxın adamlarını təhqir etməkdir. Kübar tayfaların içərisində sənin kimi itaətsiz adamlar çox az tapılar. Mən bu gün onlara məktub göndərəcəyəm. Sənin Aranda yaşamağın böyük bir nəslin rüsvayçılığına səbəb ola bilər. İndi gedə bilərsən. Lakin sənin Arandan bir tərəfə getməyinə icazə vermirəm. Əmir sonra da Hüsaməddinə müraciətlə tapşırdı: – Bunu nəzarət altında saxlarsınız. İndi isə evinə buraxın. Qətibə sevindi və atasının başını sığallamağa başladı. Fəxrəddin bir qapıdan içəri girdiyi zaman, Nizami də bu biri qapıdan dəhlizə çıxdı. İlyas Əmirin evindən küçəyə çıxdığı zaman artıq gecə idi. Çinarın dibində bir qaraltı durmuşdu. İlyas yolunu davam etdirərkən qaraltıdan belə bir səs eşidildi: – İlyas, səni buraxdılarmı? İlyas bu səsi eşidib dayandı. Səs ona tanış gəldi və sanki İlyasın bütün varlığına kəmənd atıb onu saxladı. O səs, İlyasın gənc sevgilisi Rənanın səsi idi. İlyas da, qaraltı da bir-birinə tərəf irəlilədi. O səs bir də eşidildi: – İlyas səni buraxdılarmı? – Bəli, buraxdılar, mənim sevgili dostum, buraxdılar. Gözəl Rənam, kədərlənmə! Rəna başını İlyasın çiyninə söykəyib ağladı. İlyas isə onun saçlarından öpərək: – Gedək, Rəna, qorxma, onlar mənə heç bir şey edə bilməzlər, – dedi. * * * Bahar Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi. Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi. Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığı çöllər, meşələr, bağ-bağçalar gülürdü. Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünə sərib qurudur, xanəndə bülbüllər qızılgülün yanağındakı tərləri silmək üçün gül budaqlarını tərpədir, lalələr isə piyaləsini qaldırıb, bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi. Nərgiz gülü şadlığından yaşarmış gözlərini silərək, bahar səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub düşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc bir şairi qarşılamaq üçün salam musiqisini çalırdı. Gənc İlyas adəti üzrə evdən çıxıb çayın kənarına gəlirdi. O, hər gün çay kənarındakı bağçaları, bağları gəzər və şairlər ilə görüşərdi. O, çay tərəfinə getdiyi zaman Gəncə xalqı da xəlifə tərəfindən göndərilən fərmanı eşitmək üçün məscidə tərəf gedirdi. Xəlifədən gələn fərman Atabəy Məhəmmədin təsdiq edilməsini Gəncə xalqına xəbər verirdi. İlyas bu fərmana o qədər də əhəmiyyət vermirdi. O, dəstələri yarıb Məsudiyyə məhəlləsinə keçdi və Çobanlar qəbiristanının yanı ilə gedərək çayın kənarına endi. Şəhər xalqı məsciddə məşğul olduğu üçün çay kənarında gəzən səyahətçilərin sayı çox az idi. İlyas ətrafı gözdən keçirərək öz-özünə dedi: – Belə yaxşıdır. Burada azad düşünmək mümkündür. Bura gənc bir şairin yaradıcılığı üçün daha əlverişlidir. Həmişəki yerinə gəldi, böyrü üstündə yıxılmış söyüd kötüyünün üstündə oturdu. Lakin meşənin boşluğuna baxmayaraq özünü rahat hiss etmirdi. Sanki onu amansız bir hadisə gözləyirdi. İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. Ətrafa yayılan bülbülün səsində də bir həyəcan duyur və düşünürdü; o səs bir şadlığın içərisindən yox, bir həyəcanın içərisindən süzülüb çıxan iniltilərə bənzəyirdi. İlyas öz-özünə: – Bülbülün səsinə hər kəsdən artıq şairlər tanışdır, – deyərək ayağa qalxdı, bütün diqqətini səfərbərliyə alıb, ətrafı gəzməyə başladı. O, bülbülün dolaşdığı qızılgül budaqlarının ətrafına gəldi, çox ehtiyatla əyilib qızılgül kollarının dibini nəzərdən keçirdi və həyəcanlı quşu rahatsız edən səbəbləri öyrənmək istədi. Gənc şair qızıl gül kollarının dibində ilanların qıvrılıb yatdığını və bülbülləri rahatsız etdiyini bir neçə dəfə görmüşdü. Lakin bu dəfə İlyas qızıl gül kollarının dibində heç bir şey görmədi. Bülbül isə çırpınır və səslənirdi. Külək şiddətlə əsirdi. Qızılgülün şaxələri bir-birinə qarışmışdı, tikanlar külək qarşısında şiddətlə yırğalanır və qızılgülün incə yanaqlarını cırmaqlayırdı. Gənc şair bunu görərkən əlini uzadıb gülün budaqlarını bir-birindən ayırdı, araladı. İndi bülbül yaralı gülün ətrafında dolaşıb ağlarkən, şair də kənarda durub bu vəziyyətə tamaşa edir və öz-özünə deyirdi: “Əcəba, belə bir təbiətdə şair olmamaq mümkündürmü?!”. Sonra gəlib yenə yerində oturdu, coşqun çaya tamaşa etməyə başladı. İki gündən bəri davam edən yağışlar nəticəsində Gəncə çayı daşmışdı. Əbubəkr, Bazarcuq, İsfahan kəndlərindən gələnlərin soyunub çayı keçməsi şairi bir qədər məşğul etdisə də, onu əsas fikrindən ayıra bilmədi. Onun şüurunda, bahar, təbiət, şeir və sənət düşüncələri birinci yeri tuturdu. O, bahar möcüzələrinin qolları arasına girərək mənliyindən çıxmış və şeir ilahəsinin qolları arasında nazlanırdı. Nəhayət, əlini uzadıb qoynundan bir dəftər çıxartdı, qələmdanı da çıxarıb yanındakı daşın üzərinə qoydu, fikrində, zehnində bəsləyib bişirdiyi misraları kağıza köçürtdü və bahar təbiətinə nəğmələr bəstələdi. Çay kənarında gəzənlərin sayı artırdı. Ətrafında dolaşanların ona diqqət verməsi və ara-sıra yanından keçərək yazılarına nəzər atması, şairin fikrini pozurdu. Buna görə də o, dəftəri büküb yenə də qoynuna qoydu, qələmdanı da bağlayıb qurşağından asdığı heybəsinə saldı. O, şeir yazdığı zaman yazısına baxmağa qoymazdı, hətta tamamlamadığı əsərini də bir kəsə oxumazdı. Şair Kəmaləddin ilə Zəhir ona yaxınlaşdılar, görüşdülər, İlyasın əlini sıxdılar. Sonra Zəhir ona sual verdi: – Təzə nə yazırdın? – Bir şey yazmaq istəyirdim, lakin hələ bitirməmişəm. Bitməyən əsər haqqında danışmağı sevmirəm, bəlkə təzə əsər haqqında fikrim də dəyişdi. Zəhir İlyasın bu fikri ilə razılaşmadı. O yenə sözündə dayanaraq: – Biz də şairik, – dedi, – biz öz yazılarımızı hər kəsə oxuyur və onlardan məsləhət alırıq. Bəzən qulaq asanlar bizə fikirlər və məsləhətlər də verirlər, bununla bəzən şeirlərimiz bədiiləşir və zənginləşir. Lakin sən daima bu üsulun əleyhinəsən, öz şerini bir xəzinə kimi gizlədirsən. Bu isə iki şeydən birisidir. Ya xəsislik, ya da qorxaqlıqdır. Bunların heç birisi şairə yaraşan xasiyyətlərdən deyildir. Sən daima özündən yaşca artıq və sənətcə köhnə olan adamların nəsihətini eşitməlisən. Zəhirin bu sözlərini Kəmaləddin də təsdiqlədi. Onlar söhbətlərini bitirdikdən sonra İlyas qalın qaşlarını dartaraq cavab verdi: – Son sözlərini geri götür, mənim barəmdə xəsis sözünü işlətmək haqsızlıqdır. Mən elə bir şair olmaq istəyirəm ki, şeir süfrəmdən minlərcə şairlər qismət aparsınlar. Mən elə bir əsər yaratmaq istəyirəm ki, məndən sonra gələn şairlər mənim təsirimdən çıxa bilməsinlər. Mən qorxaq da deyiləm. Şeirlərimi hər yerdə oxuya bilərəm, lakin hər kəsin yanında oxuya bilmərəm, çünki hər kəsə hər şey lazım deyil. Mən beş misra şeri götürüb küçə-küçə gəzdirən və oxuculardan təqdir və tərif gözləyən şairlərdən də deyiləm. Gizlətmək çirkinlik üçün deyil, mən şeir oxuduğum zaman ancaq öz təbimdən məsləhət alıram. Başqasının fikirləriylə misralar düzəltməyin əleyhinəyəm. İlyasın bu sözləri onun ətrafında yığılanları razı salmadı. Onlar yenə də təzə yazılan şerin oxunmasını tələb etdilər. Əbül-Üla və Fələki də Zəhirin və Kəmaləddinin fikirlərinə qoşuldular. Əbül-Üla gülümsünərək dedi: – Hərgah sən özün başqasının fikrindən öz şerində istifadə etmək istəmirsənsə, ona sözümüz yoxdur, lakin şerindən başqaları istifadə etməlidir. Hərgah sənətin yaxşı sənət isə, qoy başqaları da sənin yolunu davam etdirsin. Şerin bitməmişsə, qoy bitməsin, sonra bitirərsən. Nəhayət, İlyas yaşca özündən böyük olan Əbül-Ülanın sözündən çıxmaq istəməyərək dəftərini qoynundan çıxarıb bitirmədiyi şerini oxudu. Bahar Nisan gülünün çöhrəsi bir bax, nə qədər şən, Ərzin üzü bir zivər gülrəng ilə rövşən, Güldükcə təbiət, çəmənin çöhrəsi güldü, Gül ətri buluddan süzülüb ərzə töküldü. Minlərcə gəlin şivəli gül doğdu çəmənlər, Toy başladı nisan buludundan süd əmənlər. Hər şaxədə bir bülbülü şuridə qəzəlxan, Ən körpə çiçəklər, kələbəklər belə rəqsan, Rəqsan bu təbiət yaradan möcüzələrdən, Qoynunda qərənfillər açan nazlı səhərdən Başlar yenə öz nəğməyi-Davuduna quşlar, Oynar o tərənnümlə zümürrüdlü yoxuşlar. İlyas şerini bitirib dəftərini qoynuna qoyduğu zaman gənc Mücirəddin onun alnından öpdü və üzünü şairlərə tutub dedi: – Kim deyir ana dilimiz şeir dili deyildir! Bir baxın, öz dilimizdə yazılan şeir nə qədər mozun, nə qədər səlis, nə qədər də oynaq və bədiidir. İlyas onun sözlərinə qüvvət verərək dedi: – Əsərin incəliyi nə qədər ki dilin incəliyi ilə əlaqədardır, bir o qədər də şairin məharət və sənətkarlığı ilə əlaqədardır. Məharətli və sənətkar şair hər dildə yazar; sənətkar olmayan şair isə öz dilində də yaza bilməz. Əcəba fars dilində yazan şairlərin hamısı sənətkardırmı? Yaxud da ərəb şairlərinin hamısı, Ümrəülqeys, Əbunəvvas və Əbülətahiyyə kimi sənətkar şairlərdirmi? Əbül-Ülanın özü də İlyasın söylədiklərini təsdiq edərək dedi: – Hər bir xalqın ruhunun ifadəsini ancaq onun öz dilində vermək olar. Ata və babalarımız: “Şairlər öz xalqının dilidir” sözlərini əbəs yerə deməmişdir. Xalqının içərisindən doğulan şairin hər bir şeri, öz xalqının iradəsini ifadə etməlidir. Şairin şeri içərisində yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. Bir xalqın dəyərini ancaq onun şeir və ədəbiyyatının dəyəri ilə müqayisə etmək və ölçmək olar. İlyas, Əbül-Ülanın əlini öpərək, şad bir surətdə dedi: – Mənim də dediyim budur, qoca şair! İki adamın siması bir güzgüdə yerləşə bilməsə də, böyük bir xalqın mədəni siması bir rübaidə yerləşə bilər. Öz dilində şeri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir. Əmir İnanc sarayının şairlərindən Zəhir, İlyasın və Əbül-Ülanın dediklərinə qəti etiraz edərək dedi: – Mən sizin dediklərinizlə razılaşa bilmərəm. Bir kərə bilmək lazımdır ki, şeir və ədəbiyyatda işlədilən dil başqa, adi dil, yəni xalqın danışdığı dil də başqadır. Şeir incə və yüksək fikirlərin məhsuludur. Buna görə də onu yüksək adamların malı etmək gərəkdir. Yüksək təbəqələrin ailə dilləri yüksək dildir, yəni fars dilidir, çünki fars dili həm ədəbi və yüksək bir zənginlik daşıyır, həm də hökumət dilidir, rəsmi dildir. Hərgah belə olmasaydı, Gəncə tarixini yazmaq üçün Əmir, İrandan cənab Kəmaləddini buraya dəvət etməzdi. İlyas bu sözə qəhqəhə ilə güldü və cavab verdi: – Bu cür fikirlər dost adamların başında yetişən fikir deyil. Əvvələ bunu anlamaq lazımdır ki, sizin dediyiniz yüksək dildə yazılan şeri xalqımız tərcümə vasitəsilə oxumalıdır. Lakin mən yazdığım şeirləri ölkənin ziyalı və əyanından başlamış kəndlisinə, çobanına qədər hamı oxuyur və mənim fikrimi anlayır. Bir şair üçün də bu kifayətdir. Kəmaləddin söhbətə qarışaraq dedi: – Məncə, yerli dildə də şeir yazmaq olar. Lakin məsələnin əsas nöqsanı burasındadır ki, yerli dildə yazılan şeirlər xaqan saraylarının uca hasarlarını aşıb içəri girə bilməz və saray əhlinə yetişməz, yetişsə belə saray əhli onu oxumaq istəməz, bu da şairin şeir üzərində çəkdiyi zəhmətlərin hədər getməsinə səbəb ola bilər. İlyas bu sözlərlə də razılaşmadı. O, çox ciddi bir vəziyyət alaraq dedi: – Şair adlanan kimsə şeir yazdığı zaman onun xaqanları və padşahlar sarayının yüksək hasarlarını aşa bilib-bilməyəcəyi barəsində heç də düşünmür, çünki şeir yalnız uca hasarların içərisinə qapanan on-on beş nəfər üçün yox, minlər üçün yazılır. Fars dilində yazmaq məsələsinə gəldikdə, mən ancaq bunu deyə bilərəm: hərgah xaqanlar və saraydakılar bizim əsərlərimizi oxumaq istərlərsə, biz yerli dildə yazılan əsərlərimizi fars dilinə də tərcümə edə bilərik. Lakin bunu da bir kərə yadda saxlamaq lazımdır ki, azərbaycanlılar hər işdə güzəştə getsə də, öz dili barəsində güzəştə getməz. İlyasın söhbəti çox ciddi şəkil aldı. Əbül-Üla və Mücirəddin hissedilməz bir surətdə çəkilib getdilər. Nə Zəhir, nə də Kəmaləddin İlyası öz fikirlərinə tabe edə bildi. Buna görə də söhbətlərinə məsləhətverici bir don geydirməyə başladılar: – Gənc şairsən, gözəl şeirlər yazırsan, qanın da isti, coşqundur; ilhamın pak və müqəddəs bir ilhamdır, lakin haman şeirlərini və bizə etdiyin söhbətlərini başqalarının yanında deyib oxuma! Bununla özünü Əmirin və xaqanın geniş ehsanlarından məhrum edə bilərsən. Ağlını başına yığ! Belə rəvan təbinlə sənin çiynin padşahların zəngin xələtlərini gözləyir. Xüsusən Şirvan şahı Əbülmüzəffər şeir maraqlısıdır. Lakin o yalnız fars dilində yazılan bədii şeirləri sevir. İlyas bacardıqca sakit danışmağa çalışırdı, ancaq bacarmırdı. O, iki nəfər əcnəbi nümayəndəsinin yerli xalqın, hətta mədəniyyətcə belə onlardan bir neçə qat yüksəkdə duran xalqın, dilini və ədəbiyyatını təhqir etməsinə qarşı soyuqqanlılıqla baxa bilmədi və cavab verdi: – Xələtlərdən məhrum ediləcəyim aydın bir məsələdir. Burada mübahisəyə ehtiyac yoxdur. Xələt yalnız əyilən və səcdə edən başlara qismət olur. Mənim başımı isə zamanımın dəhşətli külləkləri, qasırğaları belə əyməyə qadir deyildir. Yazıçı və şair olan zatın başı söyüd ağacı deyildir ki, ixtiyarını küləklərin əlinə verə bilsin. Bir də xələtlər şeirin qiymətinə yox, izzət və şərəfin qiymətinə verilir. Məndə isə xələtlərə satılmalı izzət və şərəf yoxdur. Kəmaləddin acığından titrəyə-titrəyə dedi: – Bu sözlərin heç birisi bir şairin ağzından eşidiləcək söz deyil. Bunlar bir üsyançı fikrinin məhsuludur. İlyas gülümsünərək: – Bu sözləriniz də doğrudur, – dedi, – şair üsyançı olmalıdır. Şair qoyun deyildir ki, qəssab bıçaq itilərkən başını aşağı salıb otlasın. Həmədan və Təbrizdə təzə atabəylərə bazarlar, kəndlər tikmək üçün vurulan qamçıların səsi hamıdan artıq şairi rahatsız etməlidir. Qoyun sürüsü kimi Şimali Azərbaycandan İraqa və Həmədana sürülən xalqın iniltilərini ancaq mənim qulağım eşidər və mənim qəlbim hiss edə bilər. Əcəba, cənab Zəhirlər və Kəmaləddinlər Arandan işə aparılanların ölüb-qalmalarından xəbərdardırlarmı? Hərgah xəbərdar deyilsinizsə eşidin, deyim: Eldəniz rübatını tikmək üçün Arandan aparılan altı min nəfərin ancaq min nəfəri qayıtmışdır. Onların ağlaya-ağlaya, qamçı və kötək gücünə öz torpaqlarından ayrılıb məcburi işə aparıldıqları sizdə nə kimi təsir buraxdı? Şübhəsiz ki, heç bir təsir buraxmadı, çünki siz onlara yabançısınız. Biriniz iranlı, o biriniz isə xarəzmlidir. Bu mövzu üzərində başlanan söhbət çox uzun çəkdi. Zəhirlə Kəmaləddin vidalaşıb getdilər. İlyas yenə də gəlib yerində oturdu, böyrü üstünə yıxılan söyüd ağacına söykəndi və cibindən dəftərini çıxarıb şerini tamamlamağa başladı. O, suların coşqun dalğalarına, çayın sürət və həyəcanına baxmadığı zaman yanında bir nəfər beli bükülmüş qocanı gördü və diksinərək soruşdu: – Nə istəyirsən? Qoca gülümsünərək cavab verdi: – Sənin sağlığını istəyirəm. Mən Əmir İnancın bağbanıyam, sənə məktub gətirmişəm. İlyas qocaya təəccüblə baxaraq soruşdu: – Əmir İnancdan mənə məktub?! – Həyəcan lazım deyil, məktubu Əmirin özü yox, qızı göndəribdir. İlyas yenə də böyük bir həyəcanla soruşdu: – Əmirin qızımı?! Bağban: – Bəli, Əmirin qızı, Qətibə xanım sənə məktub göndəribdir, – dedi və əlləri titrəyə-titrəyə məktubu İlyasa uzatdı. İlyas məktubu böyük bir həyəcan və tərəddüdlə bağbandan aldı, bağdan isə baş endirib getdi. İlyas məktubu açıb oxumağa başladı: “Qəhrəman və şair! Bu məktubu sənə göndərən qız, Əmir İnancın qızı və xəlifeyi-ruyi-zəminin nəvəsidir. Qəlbini sənə açan bu qız öz üzünü günəşə belə açmamışdır. Birinci kərədir ki, yabançı kişiyə məktub yazıram. Buna görə də məktubda buraxdığım ədəbi nöqsanları mənə bağışla. Mənim qəlbimi kişilərə açmaq istəmədiyimin əsas səbəbi onları müxtəlif mündəricə və mövzularda təbir etdiyimdir. Sən özün bizim adətimizi bilirsən. Bu adətlər qızların kişilər ilə üz-üzə oturmasına imkan vermədiyindən, səninlə görüşmək səadəti mənə qismət olmamışdır. Şübhəsiz ki, bu məhrumiyyətin başqa-başqa səbəbləri də vardır ki, onların hamısını bu məktubda göstərməyə lüzum görmədim. Mən bəzən kişiləri kitablardan öyrənməyi düşünürdüm, lakin çox tez bir surətdə bu fikrimdən daşındım, çünki insan təbiətini öyrənmək üçün kitab yazanların özləri də səhv edə bilərlər. Hər şeyi bilavasitə öyrənmək caizdirsə, insanları bilavasitə təhlil etmək və nəliyini təyin etmək lazım gəlir. Bu fikirlərə əsaslanaraq kişiləri bilavasitə öyrənmək qərarına gəldim. Mən Bağdadda təhsilimi bitirib Gəncəyə gəldiyim zaman sənin qüdrətli bir şair olduğunu eşitmişdim. Hətta Əbül-Ülanın cariyəsi Səba xanım sənin on iki misralıq bir qəzəlini mənə vermişdi: “O gözəl, incə, sevgilərdən şən, Bir çiçəkdir, doğuldu şəbnəmdən”. Bu qəzəlini gündə bir neçə kərə oxuyuram. Bu şeirdə bədiilikdən başqa, yüksək mündəricə vardır. Burada gözəl insanları yaradan bir qətrə murdar su şəbnəm kəlməsi ilə ifadə edilmişdir. Bədii ədəbiyyatda ancaq bədii kəlmələr işlətmək lazım olduğunu sən, gənc şair, hamıdan əvvəl təyin etmişsən. Bu qəzəlin haqqında danışmaq üçün səni görmək istəyirdim. Bir dəfə səni Məlikşah meydanından keçdiyin zaman uzaqdan görmüşəm. Bir kərə də Ozanlar məhəlləsinə girdiyin zaman gördüm. İki kərə də Əbül-Ülanın evində olduğun vaxt danışmaq istəyirdim, lakin mümkün olmadı. Bu təsadüflərin heç birisində sənin şəxsiyyətini təyin etmək mümkün olmamışdı. Son dəfə atam səni hüzuruna çağırdığı zaman səni lazımınca gördüm və şəxsiyyətinlə kifayət qədər tanış oldum. Doğrusu, xəyalımda sənə müxtəlif şəkillər verməkdən yorulmuşdum, haman tanışlıqdan sonra qismən dincimi aldım. O axşam mən qarşımda nümunəvi bir kişi siması görməyə müvəffəq oldum. İnan, İlyas! Anamın canına və babam xəlifənin müqəddəs varlığına and içirəm, mən haman axşam ancaq səni müdafiə etmək üçün mühakimə otağında oturmuşdum. Mən sənin barəndə çıxarılan hər bir mənfi qərarı dəyişdirəcəkdim. Səndən rica edirəm, həmin bu məktubun cavabını yazıb bağbanımız Salimin vasitəsilə mənə göndər. O məktub mənim qəlbim kimi hər bir kəsə gizlin qalacaqdır. Sən mənim məktubumu dostlarına göstərmə Sənə daima bir dostluq hörməti bəsləyən Qətibə”. İlyas Qətibənin məktubunu oxuduqdan sonra bir xeyli düşündü. Nəhayət, gülümsəyərək məktubu cibinə qoydu. O qalxıb getmək istəyirdi, çünki axşam yaxınlaşırdı, səyahətçilərin bir çoxu meşədən çəkilib gedirdi. Rəna ağacların dalından çıxıb yavaş-yavaş İlyas oturan söyüd kötüyünün yanına doğru irəlilədi, sonra olduğu yerdə donub durdu. O utanırdı, başını yuxarı qaldırıb ətrafına baxmırdı. İlyas qalxıb getmək istərkən, Rənanın quruyub qaldığını gördü. Qızın məhbub çöhrəsində bir kədər var idi. Onun gözlərində İlyasa ilham verən o daimi gülüşlər artıq yox idi. Çöhrəsi tez-tez dəyişirdi. Çöhrəsinin rəngi yağışdan çıxmış fəzanın qövs-qüzehləri kimi rəngdən rəngə keçirdi. O, bahar buludu kimi dolmuşdu, yağmağa başlamasına az qalırdı. İlyas ona imkan vermək istəmədi, irəli gəlib onun hər iki çiynindən döşünə sallanmış qara saçlarını sığalladı və bu şeri oxudu: Nədir bu qəmli baxış səndə, sevgilim Rəna?! Dodaqlarında nədir ol sükut pürməna?! Rəna İlyasın bu sualından sonra başını utana-utana yuxarı qaldırıb İlyasın üzünə baxdı, lakin yenə də kədərlərinin səbəbini açıq deməkdən utandı, ancaq bu sözləri deyə bildi: – Mən çoxdan bəri ağacların dalında durub səni dinləyirdim, – dedi, – hətta yazdığın təzə şeri də eşitdim. İlyas Rənanın nə demək istədiyini və nə səbəbə görə kədərləndiyini dərhal bir şair duyğusuyla hiss etdi və onun saçlarını sığallayaraq: – Kədərlənmə, mənim ruhum! – dedi, – sənin məhəbbətin yaşayan qəlbə başqa bir məhəbbət yol tapa bilməz. Onu yəqin et! Nəhayət, nisan buludlarından damcılar axmağa başladı. Rəna ağladı və başını İlyasın çiyninə söykədiyi zaman ancaq bir kərə yavaşdan: – O qız çox varlıdır, – deyə bildi. Rənanın bu sözündən sonra İlyas iki əlilə onun başını tutdu, qara saçlarını kənara çəkərək qızın gözlərinə baxdı və: – Ağlamağa heç bir səbəb yoxdur, – dedi. – O qız varlı deyildir. O, sənin malik olduğun təbii zənginliyin qarşısında bir dilənçi müqabilində də deyil. Mən sənin məhəbbətinlə padşahların xəzinəsində tapılmayan nadir incilər yaradacağam. Rəna tutqun və titrək bir səslə əlavə etdi: – Mən heç bir vaxt sənin zənginliyini istəmirəm. İlyas soruşdu: – Nə üçün, mənim ruhum? – Çünki sən zəngin olduğun zaman yoxsul bir qızı atacaq və “səviyyəmiz bir deyil” – deyə zəngin bir qız axtaracaqsan. – Səhv etmə, Rəna! Mən şerimin qiymətli incilərini sənə olan sevgi duyğularımın nəhayətsiz dənizlərindən əldə edirəm. Sənin sevgindən aldığım ilham tarixdə misli yazılmayan dastanların mövzusunu verir. Rəna, sən onu bilməlisən ki, əsrlərin tarixi sənin qara saçlarından süzülüb böyük-böyük kitabların vərəqlərinə töküləcək. Əmin ol, Rəna! Gəncənin yaşıl təbiəti arasında çırpınan bu qəlbim ancaq sənin sevgilərinlə şeir dünyasını fəth edə biləcək. Mənə inan, Rəna! Bu gənc şair sevgi dastanını səninlə başlayıb, səninlə də bitirməyə çalışır. Nəhayət, Rəna İlyasa sual verdi: – Bəs o məktub nə məktub idi? – O bir parça kağızdır. Sənin məhəbbətindən aldığım ilhamlar isə zəngin bir kitabxanadır. Rənanın qəlbi bir az sakit oldu. O başı İlyasın çiynində ikən dedi: – Bu gün oxuduğun şeir əvvəlki şeirlərə nisbətən daha zəngindir. İlyas yenə də onun saçlarını sığallayaraq: – Əlbəttə, sən o şeri sevəcəksən, çünki şerin mövzusu sənə olduqca tanışdır. İlyasın bu sözündən Rəna təəccüb etdi. O, İlyasın üzünə baxıb soruşdu: – Necə yəni “haman şerin mövzusu sənə tanışdır?” – Əcəba, sən o şeri mənim yanımda bir neçə kərə oxumuşdunmu? – Xeyr, oxumamışdım. Lakin o şeir bahara yazıldığı üçün səninlə əlaqədardır. Çünki sən də mənim həyatımın baharında bitən ilk çiçəksən. Daha açığı o şeir Rənadır. O şerin içərisində qocalmaz bir gənclik bəslənir. Bu sözlərdən sonra Rəna əlini İlyasın əlindən çəkərək sürətlə çəkilib getdi, İlyas onu dayandırmaq üçün səslədi: Ey gözəl mələkim, dur, məni dinlə, Dünya yaradıram sənin eşqinlə! * * * İlyas Rəna ilə görüşüb vidalaşdı. Çayın kənarındakı söyüdlərin kölgəsi ilə çəkilib getmək istəyirdi. İlyas getməyə tələsirdi, çünki uzaqdan qız-qadın səsləri gəlirdi. Səslər get-gedə yaxınlaşırdı. Az keçmədən Əmir İnancın nökərləri meşədə göründü və bunun dalınca da cariyə və kənizlərin oxumaq səsləri eşidildi: Güllü, çiçəkli Gəncə, Al kəpənəkli Gəncə, Əlvan-əlvan güllərdən Qoynu bəzəkli Gəncə!.. İlyas bu nəğmələri eşidərkən qədəmlərinə sürət verdi. Bu nəğmələr Əmirin arvadının və yaxud qızının meşə səyahətinə çıxdığını bildirirdi. İlyas bu gün meşənin qoruq olduğunu bilmirdi. Buna görə də meşənin səyahətinə çıxmaq qorxulu idi. Qulamlar və nökərlər meşəni aralığa alıb ağacların altını bir-bir axtarırdı. Çünki bəzən belə hallarda kişilər Əmirin qızına, qadınına və gözəl cariyələrinə tamaşa etmək üçün meşədə və çayın kənarında gizlənirdilər. Meşədə gizlənənlər tapıldığı zaman döyülür, həbsə alınır və yaxud qulamlar tərəfindən cərimələnib buraxılırdı. Bunun üçün də İlyas meşədən kənar olmağa çalışırdı. Ancaq bu zaman meşədə bərk axtarış gedirdi. İlyas çıxılmaz bir vəziyyətdə qalmışdı, onun meşədə ələ keçməsi böyük şübhələrə səbəb olacaqdı. Xüsusən Əmir İnanc İlyasın Qətibəyə tamaşa etmək üçün meşədə gizləndiyini eşitsəydi, onu cəzalandıracaqdı. O biri tərəfdən də İlyas Qətibəyə rast gəlməməyə çalışırdı. Lakin qurtarmaq mümkün deyildi. O, hər tərəfə getsəydi, yenə də Qətibənin qulamlarına rast gələcəkdi. Heç bir tərəfdən çıxış yolu tapa bilmədiyindən, olduğu yerinə qayıtdı və həmişə oturduğu söyüd kötüyünün üstündə oturdu. İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. Bunların dalınca da bir dəstə qulam çiyinlərində taxt-rəvan gəldi. Taxt-rəvan yaşıl budaqlar və gül dəstələri ilə bəzənmişdi. Qətibə başında qiymətli daşlar düzülmüş qızıl tac olduğu halda taxt-rəvanın içində oturmuşdu. Əlvan ipəklər və cürbəcür qumaşlarla bəzənmiş Qətibə tovuz quşunun qanadları kimi parıldayırdı. Taxt-rəvanı yerə qoydular. Gözəl cariyələr Qətibənin qolundan tutub taxt-rəvandan çıxardılar. Qulamlar çəkildi. Qətibənin ətrafında cariyələr və kənizlər qaldı. Qızlar çalıb oynamağa, qəhqəhələrlə gülməyə başlarkən İlyas da oturduğu yerdən bir tərəfə gedə bilmədiyindən həyəcanlı dəqiqələr keçirirdi. Qəhqəhə səsinə meşənin quşlarının da həyəcanlı səsləri qarışaraq meşədə qeyri-adi bir vəziyyət törəyirdi. Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülüşürdülər. Gözəl cariyələr xacələrin yaxasından tutaraq: – Ölsən də, qalsan da sənə ərə gedəcəyəm, sənin eşqindən dəli divanəyəm, – deyərək zarafatlaşırdılar. Qətibəni əyləndirmək və güldürmək üçün xacələr, cariyələrin əlində məzhəkə aləti kəsilmişdi. Cariyələr onları ağladana qədər oynadıb, Qətibəyə şikayətə gedincəyə qədər incitdilər. Nəhayət, Qətibə xacələri cariyələrin əlindən alıb buraxdı, indi də cariyələr qara kənizlərə yanaşıb onlarla əylənirdilər. Qətibənin Kafur adlı qulamı uzaqdan qışqırdı: – Yabançı! Yabançı! Bu səs eşidilən kimi, dərhal cariyə və kənizlərin içərisində sükut başladı. Əbül-Ülanın cariyəsi Səba xanım Qətibənin başına nazik ipəkdən toxunmuş bir niqab saldı. Taxt-rəvanın içərisindən bir kürsü gətirdilər, Qətibə acıqlı bir surətdə onun üstündə oturdu. Əmirin qızına baxmaq üçün meşədə gizlənən müqəssiri döydürmək üçün çubuqlar hazırlanırdı. Meşədə gizlənən naməhrəmləri Qətibənin özü cəzalandırmalı idi. Müqəssirin gətirilməsini əmr etdi. Bir neçə dəqiqə keçəndən sonra qulamlar İlyası aralığa alıb gətirdilər. Səba xanım İlyası görən kimi tələsik Qətibənin qulağına pıçıldadı: – İlyas, İlyas! Şairdir, haman şeri yazan şairdir: “O gözəl, incə, sevgilərdən şən Bir çiçəkdir, doğuldu şəbnəmdən”. Qətibənin bütün varlığı titrədi. O dərhal İlyası tanıdı və öz qəlbində dedi: “Nə gözəl, nə də əlverişli bir təsadüf. İndi mən gənc şairlə lazımi qədər danışıb qonuşa bilərəm”. Qətibə üzündən niqabını qaldırıb İlyasın üzünə baxdı. O, gənc şairin qəlbini dərhal, hətta birinci nəzərdə oğurlaya biləcəyinə inanırdı, çünki ərəb, türk və rum qanının bir-birinə aşılanmasından doğulan bu afəti birinci görüşdə sevməmək qabil deyildi. Gözəlliyin xarici xüsusiyyətlərini tamamilə mənimsəyən bu qız, əsrinin ən zəngin zinətlərini daşıyırdı. Qətibə İlyasa sual verdi: – Bu gün meşənin qoruq olduğunu bilmirdinmi? Əmirin qızına baxmaq üçün meşədə gizlənən naməhrəmlərin ağır cəzalara düçar olacağını eşitməmişdinmi? – Son cümlənizi bilirdim, lakin meşənin qoruq olduğunu bilmirdim. İnsan hər şeyi bilməyə qadir deyildir. Bu barədə nə car çəkilmiş, nə də xəbər verilmişdi. Eyni zamanda, Əmir həzrətlərinin qızına baxmaq məqsədilə də meşəyə gəlməmişdim. Mən daima meşədə gəzirəm. Buna adət etmişəm, çünki təbiətin böyük möcüzələri bu yaşıllıqların içərisindədir. Yaşıl şaxələrdən doğan qırmızı yaqutlara tamaşa etmək, gəlin kimi nazlanan qızılgüllərin qarşısında təzim edən sərv ağaclarına baxmaq, çəmən qızlarına nəğmə oxuyan quşları dinləmək daima sənətim olmuşdur. Qətibə özünü ağır tutaraq İlyasa bir sual da verdi: – Demək ki, sən bu meşələrdəki möcüzələri öyrənirsən? İlyas Qətibənin onu danışdırmaq istədiyini hiss etdiyindən ona belə cavab verdi: – Xeyr, möcüzələri öyrənməklə bərabər, möcüzə yaratmaq üçün də meşələrdə gəzməyi sevirəm. Bu sözlərdən Qətibə daha özünü saxlaya bilməyərək gülümsündü və soruşdu: – Demək ki, sən peyğəmbərsən? – Xeyr, peyğəmbərlər yaradılmışdır, mənsə yaradıram. – Elə isə Allahmısan? – Bəli, mən Allaham, lakin mən varlığından uca düşünən insanları yox, hər şeydən ucada duran şeri və ədəbiyyatı yaradıram. Bu sözlərdən sonra Qətibə və onun yanındakılar qəhqəhə ilə güldülər. Sonra Qətibə İlyasla olan söhbətini davam etdirdi və ciddi bir vəziyyət alaraq dedi: – Allaha şərik qərar verənlərin kafir olduğunu bilmirsənmi? Kafirin cəzası sənə məlum deyilmi? İlyas bu sözlərə gülümsünərək dedi: – Allaha şərik qərar verənləri cəzalandırmaq lazım gəlirsə, insanların bir çoxunu cəzalandırmaq lazım gələcəkdir. Hətta xanım həzrətlərinin ən adi nökərləri də bu cəzanı alacaqlar, çünki onların hər birisi Gəncədə özünü Allah bilir. İlyasın bu sözündən sonra indiyə qədər gülənlərin siması birdən dəyişdi. Cariyələr, qulamlar, qullar və qara kənizlər belə bu gəncin qorxmaz bir adam olduğunu bildilər. Qətibə isə İlyasın bu cavabından titrədi və kimlə danışdığını təyin etdi. O, yanındakılara müraciət edərək dedi: – Gedib meşəni gəzin. Mən bununla təklikdə danışacağam. Hamı çəkilib getdi. Qətibə üzünü İlyasa tərəf çevirib: – Otur! – deyə əmr etdi. İlyas oturmayaraq: – Mənim oturduğum müəyyən yer vardır. – Buradan uzaqdırmı? – O qədər də uzaqda deyil. – Elə isə gedib orada oturaq. Qətibə İlyasın dalınca düşüb böyrü üstündə yıxılmış söyüd ağacının yanına gəldi, ikisinə də yer var idi, oturdular. Çox yaxın oturdular, çünki vəziyyət bunu tələb edirdi. Qətibə İlyasdan soruşdu: – Əcəba, bu qədər geniş meşəlikdə özünə buradan da gözəl bir yer tapa bilmədinmi? – Burada oturduğum zaman təbiətin bir çox incəlikləri gözümün qarşısında durur. Siz o çaya yaxşı baxın, görün onda nə qədər ciddi bir təlaş vardır. O qabarıq dalğaların arzu və əməllərlə dolu olan bir qəlb kimi çırpındığını görürsünüzmü? Bir-birini ötüb keçmək istəyən ləpələrin müsabiqəsi məqsəd uğrunda çalışmaq istəyən hər bir gənc üçün təcrübə dərsi deyildirmi? Qətibə üzünün o biri tərəfini də açaraq İlyasa dedi: – Bu gün xoşbəxtlik mənə üz göstərdiyi üçün mən də birinci dəfə olaraq üzümü yad kişiyə göstərəcəyəm. Səndən utanmayacağam. – Adi bir işdən ötrü utanmağın mənası yoxdur. Lakin bundan ikinci adamın zərər çəkməsini düşünmək lazımdır. Atanızın açıq gəzən qadınları görəcək gözü yoxdur. Məhsəti xanımın başına gələn fəlakətdən xəbəriniz olmadımı? – Sən nə üçün məni Məhsəti xanımla müqayisə edirsən? Mən üzümü yalnız sənə göstərirəm, o isə bütün şəhərə göstərirdi. Hətta üzü örtülü gəzməyi də qanun və şəriət xaricində bilirdi. O hətta Gəncə xətibinin oğlu Əmir Əhmədi də bədbəxt etmişdi, halbuki Əmir Əhməd ibadətxanalarda həyat keçirən bir adam idi. Nəhayət, Məhsəti onu Xərabat məhəlləsinə cəlb etdi. O da üzü açıq gəzməyi Gəncə qızlarına vəsiyyət elədi, axırda bu qədər qanların tökülməsinə səbəb oldular. İlyas qızın yersiz mühakimələrinə imkan verməmək üçün yanındakı gül ağacının bir budağını çəkib Qətibəyə göstərdi və soruşdu: – Bu budaqdakı nədir? Qətibə baxıb dedi: – Qönçədir. Bundan sonra İlyas o biri əli ilə gülün başqa bir budağını göstərib soruşdu: – Bəs bundakı nədir? Qətibə baxaraq: – Bu da güldür, – dedi. – İndi deyin görüm sizcə, bunların hansı birisi yaxşıdır? Gülün qönçəlikdə qalmasımı, yaxud pərdədən çıxıb gül olmasımı? – Qönçənin gül olması daha gözəldir. – Qönçənin gül olması yaxşıdırsa, nə üçün qız və qadınların daima qönçələr kimi pərdədə qalmasını tələb edirsiniz? – Sən də üzü açıqlığı sevirsən? – Sizin birinci görüşdə üzünüzü açıb göstərdiyiniz mənə böyük bir cəsarət verdi. – Mən öz fikrimi ancaq öz şəxsiyyətimdə həyata keçirməkdəyəm. Heç şübhə yoxdur ki, bu fikri ümumiləşdirmək və yaxud qanun çərçivəsinə salmaq istərsəm, məni də Məhsəti kimi tənqid edəcəklər. – Siz də üz açmağı Məhsəti xanımdan öyrəndiniz? – Xeyr, mən ondan öyrənmədim. – Bəs nə üçün üzünüzü açdınız? – Qəlbimi açmaq istədiyim bir adamdan üz gizlətməyin nə mənası var idi. Ancaq, sən bir şeyi də bilməlisən ki, mən üzümü sənə açdığım zaman bunu haram bilirəm. Məhsəti isə bunu halal bilirdi. İlyas sakit oldu, cavab vermədi, çünki Qətibə ilə çox da açıq danışmaq istəmirdi. Qətibə bir münasibət nəticəsində danışılan söhbətləri atasına da xəbər verə bilərdi. Sükut bir neçə dəqiqə davam etdi. Qətibə İlyasın uzun söhbətdən boyun qaçırdığını hiss etdiyi üçün çox əmniyyətverici bir surətdə dedi: – Utanma və açıq danışmaqdan qorxma! Sən şairsən, bunu birinci görüşdə hiss etməli idin. Mən üzümdən pərdəni götürdüyüm zaman hər barədə pərdənin aralıqdan götürülməsinə icazə verdiyimi bilməli idin. Sənə göndərdiyim məktubun cavabını göndərməkdən qorxmamalı idin. – Məktubunuz qorxulu məktub idi. – Orada sənə bəslədiyim hörmətdən başqa bir şey var idimi? Xəlifənin nəvəsi tərəfindən göndərilən məktuba da qorxulu məktub demək olarmı? – Qorxunun əsas cəhətini təşkil edən məsələ də elə sizin Əmirin qızı və xəlifənin nəvəsi olmağınızdır. Mən yoxsul bir şairəm. Sizin özünüzə də məlumdur ki, atanızın dövründə şairlərdən dəyərsiz və həqir bir adam yoxdur. Mənim sizə demək istədiyim bir çox məsələlər vardır ki, onları sizin fikrinizin tərəzisində çəkmək yaramaz. Mənfi bir nəticə verə bilər. Mənim demək istədiyim məsələlərin bir çoxunu sizin özünüz də bilirsiniz. Təbiətin ölçüsündən keçməyən heç bir şey yoxdur. Qadınların örtülü gəzməsi lazım olsaydı, təbiət bu lüzumiyyəti heç bir vaxt unutmaz və üzərindən keçməzdi. İndi sizin özünüz fikirləşin. Sizin üçün örtülü qalmaqmı və ya bu gözəl təbiətə açıq üz və açıq gözlə baxmaqmı yaxşıdır? Buna öz vicdanınızla cavab verin. Qətibə heç də düşünmədən: – Şübhəsiz ki, açıq gəzmək örtülü gəzməkdən daha yaxşıdır. Lakin hər kəsə görünmək, bilaistisna hər kəsin yanında açıq gəzmək qadının qiymətini azaldır. Örtülü şey nəzərləri açıq şeydən daha tez cəlb edə bilər. Bu fikir doğru deyildirmi? – Hərgah xanım qız əşyadan bəhs edirsə, fikri doğrudur, lakin biz əşyadan daha çox, canlı insanlardan danışırıq. Bir məsələni qeyd etmək lazımdır. Canlı bir insanın örtülü gəzməsi insanlarda özlərinə qarşı maraq oyandırmaq əvəzinə, şübhələr oyandıra bilər, çünki özündə xəstəlik hiss edənlər və üzlərində bitən iyrənc yaranı göstərməklə kişiləri iyrəndirmək istəməyən qadınlar da çöhrəsini gizlədə bilər. Lakin gözəl bir qadının çöhrəsini gizlətməsi kişiləri təbiətin bəxş etdiyi nemətlərdən məhrum etmək deməkdir. Halbuki hər qədəm başında gözəl və sevimli simalara təsadüf etmək insanların ruhunu yüksəldir və kədərlərini unutdurur, daha açığı, təbiətin möcüzələrinə inandırır. “Özünü bilaistisna hər bir kəsə göstərən öz qiymətini azaldır” – fikri də yanlış fikirdir.. Örtülü şeyə qiymət verən olmaz. Şəxsən mən özüm meşələrdə gizlənərək sizi görmək istəyənlərə gülürdüm, bəzən onların döyüldüyünü, təhqir olunduğunu və ya cərimə edildiyini eşitdiyim zaman onlara acığım tuturdu. İndisə mən sizi açıq bir çöhrə ilə gördüyüm zaman sizi haqsız hesab edirəm. Qətibə qaşlarını çatıb sual verdi: – Mənmi haqsızam? – Bəli, əfv edin, birinci haqsız sizin özünüzsünüz. Siz açıq olsaydınız, sizi görmək üçün meşələrdə gizlənənlər və bunun üçün də döyülən və təhqir edilənlər olmazdı. Çünki bəzi adamlarda yaşlı olduqlarına baxmayaraq çocuqluq xasiyyətləri davam edir, onlar hər şeyin içərisini öyrənməklə maraqlanırlar. Buna görə də qismən sizə haqq qazandırıram, çünki örtülü şeylərlə maraqlananlar çoxdur. Lakin gözəllik xəsisliyi sevməməlidir. Təbiət olduqca mahir bir sənətkardır, bunun üçün də mən təbiəti sevirəm. Təbiət, ərəb, türk və rum qanından düzəldilmiş bir gül dəstəsini bizə təqdim edibdir. Biz bu nemətlə doğrudan da maraqlanmalıyıq. Qətibə nazlanaraq sual verdi: – Şairin tərif etdiyi gül dəstəsini görmək olmazmı? – Siz onu hər gün görürsünüz. – Harada? – Güzgüyə baxdığınız zaman. – Demək ki, məndə türk, ərəb qanı ilə bərabər rum qanı da vardır. – Bəli, vardır. Siz bunu bilmirdinizmi? – Bilmirdim, rica edirəm, doğrusunu söylə. Bu həqiqətdirmi? – Həqiqətdir. – Rica edirəm, izah et. – Sizin böyük nənəniz, Mütəvəkkil xəlifənin qadını Şəanin xanımdır. Onun şeir oxumaqda və şeir yazmaqda böyük bir şöhrəti var imiş. Qətibə, İlyasın sözünü kəsərək: – İnandım, inandım, – dedi, – məndə rum qızı Şəaninin qanından vardır. Mənim şeirə və musiqiyə olan marağım da bunun nəticəsi imiş. Sözünü davam etdir! – Şəanin xanımın atası Şam tərəflərində mövcud olan bir deyrdə (monastır) ibadət edən məşhur keşişlərdən idi. Mütəvəkkil xəlifə Şam səyahətinə getdiyi zaman keşişə qonaq olmuş və Şəanin xanımı orada görüb sevmiş, ona evlənmişdir. Sənin baban xəlifə Müstərşidbillah Şəanin xanımın nəvələrindən birisinə evlənmiş və sənin anan Safiyə xanım da ondan doğulmuşdur. Bu yalnız sənin babana məxsus olmayaraq, bütün xəlifələr (Mənsur və Harundan başqa) ərəb qızından doğulmamışdır, əvvəldə olduğu kimi indi də xəlifə sarayları türk, gürcü və rum qızları ilə doludur. İlyasın bu sözlərindən sonra Qətibə düşünməyə, İlyas isə ona və onun daşıdığı zinətlərə tamaşa etməyə başladı. Qətibə gözəl idi; onda türklükdən qara saçlar, ərəblikdən təbəssümlü gözlər, rumluluqdan ağlı-qırmızılı yanaqlar ən gözə çarpacaq cəhətlərdən idi. O, söyüd kötüyünün üstündə əlvan bir rəsm kimi oturmuşdu. Tirmə çəpkəninin belini almaz və yaqutdan toxunmuş kəmərlə kip bir surətdə çəkmişdi. Çəpkənin yaxasındakı zümrüd və zəbərcəd düymələri, alnından tellərinə saçdığı badam şəkilli almaz cıqqa, ağ və incə topuqlarındakı inci xalxallar, iki tərəfdən döşlərinə taxdığı almaz ayparalar, onu tovuz quşunun qanadları qədər bəzəmişdi. Onun gözəl bir qadın olaraq heç bir nöqsanı yox idi. – Bu, nə gözəl parçadır. Qətibə, söyləyin, bu harada toxunmuşdur? Qətibə təəccüblə: – Gəncədə, əcəba sən bilmirsənmi? İlyas gülərək dedi: – Bilirəm, soruşmaqda başqa məqsədim vardır. – Nə məqsədin vardır? – deyə Qətibə yenidən soruşdu. – Elə bildim “bunu filan ölkədən mənə töhfə göndəriblər” deyib vətənimiz Gəncənin hər babətdə zəngin bir xəzinə olduğunu inkar edəcəksiniz. Qətibə İlyasa cavab verməyib sükuta getdi. İlyas sükutu pozaraq: – Demək ki, siz şeiri və musiqini sevirsiniz, – dedi. Qətibə də cavabında: – Şeir və musiqi mənim ruhumun yeganə qidasıdır, – dedi. – Oxuyandan, çalandan və şeir yazanlardan kimi çox sevirsiniz? – Mən Bağdadda təhsil aldığım vaxt məşhur oxuyan, çalan və şeir yazan qadınlardan Türfə və Zəəf xanımı çox sevirdim. Bağdadın ən məşhur oxuyan və gözəl qadınlarından Dürrətülbağdadı ancaq bir kərə görüb və eşidə bildim. – Siz Məhsəti xanımın çalıb oxumasından xəbərdarsınızmı? – Eşitmişdim, lakin görmək mümkün olmadı. – Siz onun Gəncəyə qayıdıb gəlməsinə kömək edə bilməzmisiniz? – Sən onu sevməməyə söz verərsənmi? İlyas gülümsəyərək: – Mən onu indi də, gələcəkdə də bir sənətkar şair kimi sevəcəyəm. Gözəl qız, mən çox gəncəm, Məhsəti xanım isə olduqca ixtiyardır. Mən onu bir qadın kimi yox, bir şair kimi sevirəm: – Mənim canıma and içə bilərsənmi? – And içə bilərəm, lakin hansı bir əsasla mənə inana biləcəyinizi təyin edə bilmirəm. – Məndə əsas vardır. Şair qəlbi daşıyan bir zat ona inanan bir qızı aldatmaq istəməz. – Fikrinizlə şərikəm. İndi deyin görüm, Məhsəti xanımın qayıtması işinə kömək edəcəksinizmi? – Söz verirəm. Sən de görüm, məktubumun cavabını nə üçün göndərmədin? – Bizim ikimiz də gəncik, fərq burasındadır ki, mən azad və açıqda, siz isə örtülü və pərdə dalında yaşamısınız. Buna görə də mənim həyatdakı təcrübəm qismən artıqdır. – Sənə göndərdiyim məktubu özün üçün bir həqarətmi bildin? – Bəlkə də, mən fikrimi lazımınca ifadə edə bilmədim. Mən, yazdığınız məktubu özüm üçün həqarət kimi yox, sizin tərəfinizdən baş vermiş bir ehtiyatsızlıq kimi təbir edirəm. Bağışlayın, bir az açıq danışmaq lazımdır. Sarayda xidmət edən adamların bir neçə üzü vardır. Onlar bir-birini öyrənməyi və öyrəndiklərini başqalarına xəbər verməyi özlərinə vəzifə hesab edirlər. Məktubunuzu mənə gətirən qoca bağban sizin sirlərinizi başqalarına da verə bilər. Kim bilir, bəlkə, indiyə qədər o sirlər bir neçəsinin əlinə keçmişdir. Buna görə də sizin ehtiyatsızlığınız məni həddindən artıq düşündürür. Məktuba cavab verməkdə təxir etməyimin bir səbəbi də budur. Bu barədə mənə inanın. Qətibə düşüncəli başını yuxarı qaldıraraq: – Məsləhətlərindən həddindən artıq məmnun qaldım, – dedi. – Məhsəti xanımı Gəncəyə qaytarmaqdan əlavə yenə də nə arzun olsa söyləyə bilərsən. – Əsas arzum budur ki, məni bu qədər qiymətləndirməyəsiniz. – Sən şairsən, dediklərini yaxşı düşün. Bir qızın qəlbinə belə bir tələbatı vermək mümkündürmü? – Bunsuz da atanızın mənə qarşı fikri müsbət deyil. Bu görüş mənim bədbəxtliyimə də səbəb ola bilər. Rica edirəm, mənə olan əlaqəniz dostluq əlaqəsi çərçivəsindən kənara çıxmasın. * * * Hüsaməddin Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı: – Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz. Qətibə burada Hüsaməddinin sözünü yarımçıq qoyub dedi: – Belə bir vədəni sənə atam da vermiş olsa səhv etmişdir. Bu çox köhnəlmiş bir işdir. Qədimdə belə işlər var imiş; padşahlar çıxılmaz bir vəziyyətdə qaldığı zaman belə bir elan verirlərmiş: “Hər kəs bu qalanı fəth etsə, filan pəhləvanın başını gətirsə, qızım onundur”. Sən Hüsaməddin də bunumu istəyirsən? Əvvəla, sən hələlik öz qəhrəmanlığını nə Aran, nə də Azərbaycanda bir kəsə göstərə bilməmisən. Hələ sən çox gəncsən, nə müharibələr görmüsən, nə də qalalar fəth etmisən. Sən ancaq Məhsəti xanım məsələsində baş verən üsyanlarda silahsız üsyançıların evlərinə girib dəfləri, udları, kamançaları sındırıb pəncərədən küçəyə atmısan. Bunların hamısı öz qiymətində bir xidmətdir. Lakin bu xidmətlər gözəl bir qızın – Qətibənin qiyməti deyil. Atam məni ucuz satmaq istəyirsə, bu günün özündə Bağdada qayıdaram. Sənin qılıncın sayəsində möhkəmlənən bir hökuməti isə nə qədər düşünürəmsə görə bilirəm. Sən onu bilməlisən ki, böyük bir adama, yaxud böyük bir hökumətə arxalana bilməyən bir qılınc, kimin əlində olursa olsun, bir parça dəmirdir. Mən yenə də sənə verdiyim köhnə nəsihətimi təkrar edəcəyəm. Sən Dilşadı sevməli və ona evlənməlisən. Mən onun Fəxrəddinlə görüşüb sevişməyinin əleyhinəyəm. O həm gözəldir, həm də oxuyub çalan və qanacaqlı bir qızdır. Sən bu nəsihətimi qəbul etsən, yenə də dostluğumuz davam edə bilər. Biləks, sənin mənimlə tez-tez görüşüb sevgi söhbətlərini təkrar etməyinə icazə verməyəcəyəm. Hüsaməddin acıqlanaraq öz həsəb-nəsəbi haqqında danışmağa, soyadının ərəb xəlifələrinə böyük xidmətlər göstərdiyini saymağa başladı: – Məni tanıyırsınızmı? Mən böyük Buğanın1 nəvəsiyəm. Qətibə öz etidalını pozmayaraq: – Bəli, tanıyıram. Sən “Şərabi” ləqəbilə adlanan kişinin nəvəsisən! – Rica edirəm, mənim babama “Şərabi” adı verməklə onu təhqir etməyəsiniz. Bu ləqəbi mənim babama azərbaycanlılar vermişlər. Çünki Azərbaycan ancaq mənim babamın qılıncı sayəsində Mütəvəkkilbillah xəlifəyə boyun əymiş. On beş xəlifə tərəfindən hörmət və ehtirama nail olan bu ailəyə qarşı nifrət bəsləmək üçün əsaslı bir sübutunuz varsa, mənə açığını söyləməlisiniz. Qətibə yenə də soyuqqanlı bir surətdə cavab verdi: – Hüsaməddin, sən ağıllı ol, bir tarix nə qədər yüksək və şərəfli olursa olsun, dəyəri olmayan varislər üçün heç mənziləsindədir. Mən səni dəyərsiz hesab etmirəm. Lakin bu dəyər bir qəlbi ələ alacaq və öz məhəbbətini bir qəlbə aşılayacaq mahiyyətdə deyil. Ağıllı qızlar ərə getdikləri zaman keçmişləri yox, gələcəyi nəzərdə tutmalıdırlar. Mən də o qızlardanam! Mən bir adamda gələcəyin xariqüladəliyini əldə edə biləcək mahiyyəti görməsəm, ona ərə getməyəcəyəm. Sənə məsləhət görürəm, babalarının şöhrətilə yaşamaq fikrindən əl çək. Çünki tarixdə məşhur olan ailələrin hədd-hesaba gəlməyən varislərini tənbəl və dəyərsiz bir vəziyyətə qoyan ancaq babalarının şöhrəti ilə yaşamaq fikirləri olmuşdur. Hüsaməddin Qətibədə özünə qarşı oyanan dönüşü Qətibənin İlyasla görüşməsi ilə əlaqədar bilərək: – Mən o qədər də uşaq deyiləm, – dedi və başını aşağı salıb uzun zaman danışmadı. Qətibə isə: – Uşaq olmadığını bildiyim üçün hər bir məsələyə uşaqcasına yanaşmamağını tövsiyə etdim, – dedikdə Hüsaməddin hövsələsi darıxmış bir halda dedi: – Qətibə, gəlin örtülü danışmayaq. Siz haman şairlə görüşdüyünüz gündən bəri fikrinizi, tövrünüzü, söhbət və hərəkətinizi dəyişdiniz. Siz sanki bir ay bundan əvvəlki Qətibə deyilsiniz. “Mən kişiliyin qəhrəmanlıq nümunələrini ancaq sənin şəxsiyyətində görürəm!” dediyinizi unutdunuzmu? Bir az bundan əvvəl sizin özünüz məni atanızın yanına elçi göndərməyə məcbur edirdiniz. Sizin özünüz izdivac məsələsinin tez bitirilməsinə tələsirdiniz. İndi nə oldu? Mən alçaldım, yaxud bu az müddətdə siz ucaldınız? Qətibə hovuzun başından qalxıb qərənfil güllərini qoxulaya-qoxulaya dedi: – Nə sən alçaldın, nə də mən ucaldım. Fikirlər və düşüncələr yüksəlir, səviyyələr dəyişir. İnsanlar hər gün düşündüyünü düşünərsə, həyat tərəqqi etməz, bugünkü insanlar dünənki insanlar deyil, dünən bizə çox uzaqdır, gələcək yüz il olsa belə o bizə çox yaxındır. Həyat, məişət keçmişin üzərində qurula bilməz, o dala getməkdir, ağıllı adamlar həyatı gələcəyin üzərində qurmağa çalışırlar. Mazilərimiz bəşəriyyətin gəncliyi dəfn edilən bir məzardır. Orada oturub məhv olan gəncliyə ağlamaq günah deyil, lakin onunla yaşamaq sadəlikdir. Biz gələcəklə yaşamalı və onu təminedici bir surətdə qurmalıyıq. İndi mənə cavab ver görüm, sənin əlində mən tələb etdiyim gələcəyi qurmaq üçün nə kimi imkanlar vardır? Hüsaməddin qəti cavab verə bilmədi, çünki xəlifənin nəvəsini yaşatmaq üçün onun əlində böyük bir sərvət yox idi. Buna baxmayaraq o, Qətibəyə sual verdi: – Bəs dalınca kölgə kimi süründüyünüz o yoxsul şairin əlində nə kimi imkanlar vardır? Sizin tələb etdiyiniz xəyali bir gələcəyi haman yoxsul nə ilə təmin edə biləcəkdir? Bir sınıq qələmdanı və köhnə heybəsindəki bir dəstə qaralanmış kağızları iləmi? Qətibə güldü: – Sən məni başa düşmədin, – dedi. – Sənə əvvəlcə dedim ki, mən fövqəladəlik daşıyan adamları sevirəm. O, yoxsul olsa da, onda böyüklük var. Məni gələcəkdə onun səbəbinə hər kəs tanıya bilər. “Bu, filan məşhur şairin qadınıdır!” – deyə xalq məni barmağı ilə göstərər. Mən onun yaradıcılığında iştirak etdiyim üçün tarixə də düşə bilərəm. Bütün məsələ bu fikrin üzərində qurulmuşdur. Lakin bunu misal olaraq deyirəm. Mənim bu fikrim qəti deyil. Sən məni dünyaya tanıda biləcək bir qəhrəman ola bilsən, mən heç vaxt atamın sözündən çıxmaram. Hüsaməddin cavab verməyə macal tapmadı, çünki cariyələr bağa çıxıb, Qətibəni səsləyərək: – Atanız sizi nahar süfrəsinə dəvət edir, – dedilər. * * * 1 Buğa – hicri 234-cü illərdə Azərbaycanda xəlifələrə qarşı düzələn üsyanlar zamanı Mütəvəkkil xəlifə tərəfindən Azərbaycanı qanlar içində boğmaq üçün göndərilmişdi. Babək üsyanından sonra, təzə üsyanları idarə edən məşhur Məhəmməd ibn-Bəis Samiriyə şəhərinin məhbəsindən qaçıb Azərbaycana gəlmiş və orada bir hökumət təşkilinə başlamışdı. Xəlifə Mütəvəkkil, Bəisin üsyanını boğmaq üçün Həmduya ibn-Əlini (ərəb tarixində məşhur olan Fəzl Sədinin nəvəsidir) böyük bir ordu ilə Azərbaycana göndərdi və Azərbaycan hökumətini ona tapşırdı. Mütəvəkkil Həmduya ilə bərabər Zirək türki və ibn-Sisl adlarında iki məşhur komandanı da onun yanına qoşdu. Azərbaycanlılar bu ordunu Təbriz ilə Mərənd arasında lazımi qədər döydü. Nəhayət, Mütəvəkkil xəlifə türklərdən Buğanı böyük bir qoşunla Azərbaycana göndərdi. Azərbaycanlılar yenə də ibn-Bəisi ələ vermədilər. Nəhayət, bir xəyanət nəticəsində İbn-Bəis həbsə alındı (Müəllif). * * * Fəxrəddin Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı: “Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür. Buna görə də böyük şairin Şirvan məmləkətinə köçməsini məsləhət görürəm. Siz burada şair, ədib və kübar adamların cəmiyyətində daha azad şeir yarada bilər və öz təbinizi inkişaf etdirərsiniz. Mən sizin kimi nadir və qiymətli bir zatın kölələr hökuməti rəiyyəti olmasına soyuqqanlılıqla baxa bilmərəm. Hazırda Aranın bütün azadlıq sevənləri öz nicatını və məmləkətin azadlığını özlərinin tarixi yurdundan və doğma hökumətləri olan Şirvan şahlığından aramaqdadırlar. Zənn edirəm ki, bu həqiqət böyük şair üçün də aydındır. Birinci növbədə sizin kimi şairlər və nüfuz sahibi olan ziyalılar Azərbaycanın əcnəbi hökumətlər əlinə keçməsi əleyhinə mübarizə aparmalıdırlar. Siz bilirsiniz ki, Xarəzm şahlarının təbliğatçıları sizin məmləkətinizin Xarəzm şahları əlinə düşməsinə çalışırlar. Siz xalqı başa salmalısınız ki, onlar sizə azadlıq deyil, əsirlik və köləlik gətirirlər. Hökmran – Şirvan, Əbülmüzəffəri xaqan”. İlyas məktub barəsində öz fikrini Fəxrəddinə qabaqcadan demədi. O, əvvəlcə onun fikrini bilmək istəyirdi. Fəxrəddin məktubu oxuyub İlyasa qaytardı və ah çəkərək dedi: – Gəncə hakimi ilə Şirvanşahlar arasında gedən müzakirədən xəbərimiz vardır. Əbülmüzəffər Gəncə hakimini öz yerində qoymaq şərtilə məmləkəti ilhaq etməyə çalışır. Şübhəsiz ki, buna Gəncə hakimi də razı ola bilər, çünki o, təzə xanədanın özünə qarşı nə kimi vəziyyət alacağını bilmir. Xəlifə isə uzaqdadır. Hər halda Azərbaycan ziyalıları arasında birlik düzəldilmədən bugünkü hərc-mərclikdən çıxmaq və ümumi düşmənə qarşı mübarizə aparmaq mümkün olmayacaq. Birlik də mümkün deyil, birliyi düzəldə biləcək adamlar ayrılığa çalışır, onların hamısı axıb xaqanın nüfuzu altına gedir. Nəhayət, siz də xaqanın məktubunu aldınız. Fəxrəddin bunu deyərək sualverici nəzərlə İlyasın üzünə baxırdı. O, İlyasın Şirvan sarayına getmək xəyalında olub-olmadığını bilmək istəyirdi. İlyas əlini onun çiyninə qoyub dedi: – Əvvəla, bilməlisən ki, biz Aran məsələsini təklikdə həll edə bilmərik. Bu məsələ ümumazərbaycan məsələləri ilə birlikdə həll edilməlidir. Mən Aran məsələsini qaldırmağın hələlik tez olduğunu da qeyd etməliyəm. Aran ölkəsinin mövqecə əhəmiyyəti onun özbaşına yaşaya bilməsinə imkan verməz. Sən, Fəxrəddin, Aran istiqlaliyyəti məsələsini qoymaqda yanılırsan. Bu fikir Azərbaycanı parçalamaq deməkdir. Hərgah bu gün sən Aran istiqlaliyyəti əvəzinə Cənubi və Şimali Azərbaycanın birliyi məsələsini qoymaq istəsən, məni də özünlə bərabər görə bilərsən. Qüvvətli qonşular bizi təklikdə çox tez yeyə bilərlər. Dünən sən bir məsələni çox yersiz olaraq meydana atmışdın. Fəxrəddin tələsik soruşdu: – Hansı məsələni? – Aran məmləkətində üsyan qaldırmaq məsələsini... Bu fikir çox gülünc bir fikir olduğu üçün danışmaq istəmədim. – Üsyan fikri nə üçün də gülünc məsələ olsun? – Nə üçün və kimə qarşı üsyan qaldırmaq lazımdır? Bu cür fikirlər hərc-mərcliyi daha da artırar, məmləkəti əcnəbilərin əlinə verə bilər. Hazırda bizə üsyan yox, biləks möhkəm bir təşkilat lazımdır. Ancaq təşkilat vasitəsilə Cənubla Şimalın birliyini düzəltdikdən sonra istiqlal fikrini meydana sürmək mümkündür. Keçən üsyanlar bizim üçün ibrət dərsi olmalıdır. Bir daha o səhvləri təkrar etdirməməliyik. Azərbaycan xalqı üsyançıdır. Buna söz ola bilməz. Lakin təşkilata bağlı olmayan hər bir üsyan bir məğlubiyyətin başlanğıcıdır. Azərbaycan xalqı, Toğrul bəy hökumət başına keçdiyi zaman bu acı təcrübənin nəticələrini görmüşdür. Bütün Şimali Azərbaycan xəlifəni tanımadığı bir zamanda, xəlifə on üç yaşlı qızını altmış beş yaşlı Toğrul bəyə verməklə, məsələni öz nəfinə həll etdi. O, Cənubi Azərbaycanda səfərbərlik etdi, çünki Şimalın Cənubla olan qardaşlıq rabitələri möhkəm deyildi. Bu acı təcrübələri Alp Arslan, Sultan Məlikşah, onun oğlu Məhəmmədlə qardaşı Börküyarığın arasında gedən mübarizələr zamanında da gördük. Buna görə də, Fəxrəddin, sənə qəti deyirəm: əvvəlcə birlik, sonra üsyan! İlyas tarixi hadisələri bir-bir sayandan sonra Fəxrəddin etiraz etməyərək dedi: – Saydığın vəsiqələrin hamısı öz yerində. Lakin bu gün əlimizdə olan fürsəti əldən buraxmaq siyasi bir xətadır. Heç olmazsa biz Gəncə hakimini buradan çıxarıb qovmalıyıq. İlyas ona sual verdi: – Nə vasitə ilə? Fəxrəddin qəti cavab verməyərək, ancaq iki kəlmə deməklə kifayətləndi: – Düşünmək lazımdır! İlyas onu fikri üzərində dayanaraq dedi: – Əmir İnancı buradan qovmaq üçün silah işlətmək lazımdır. Onun əlində qoşun vardır. Arxasında isə məmləkətin bütün xainləri durur. Bizim arxamızda kim vardır? Heç olmazsa Əmir İnancın qoşunları arasında iş aparılmışdırmı? Onlar bizim məqsədimizi bilirlərmi? Xeyr! Heç olmazsa Aran xalqı arasında müəyyən fikrin intişarına çalışılmışdırmı? Yenə də xeyr! İndi Fəxrəddin desin görüm nə vasitə ilə Əmiri qovacaqdır? Fəxrəddin cavab verdi: – Əmir ilə xəlifənin arasını pozmaq lazımdır. – Tutaq ki, Əmir ilə xəlifənin arasını pozdun. Bununla sən Aranın istiqlaliyyətinimi qazanacaqsan! Bu Əmir gedib, yerinə o biri Əmir gələcəkdir. Bundan başqa, Əmir ilə xəlifənin arasını pozmaq üçün vasitə lazımdır. – Vasitə vardır. Ailəsində xəyanət düzəldəcəyəm. İlyas etiraz edərək: – Yox, Fəxrəddin, bu mübarizə üsulu deyildir. Mən birinin xoşbəxtliyini o birisinin bədbəxtliyi üzərində qurmaq tərəfdarı deyiləm. Fəxrəddin İlyasın sözlərinə gülərək: – Ümumi məsələlər üzərində iş aparıldığı zaman beş-üç nəfərin taleyi haqqında düşünmək gülüncdür. Siyasət qan və qurban tələb edir, – dedi. İlyas buna cavab olaraq: – Faydasız yerə qan tökdürmək həm cinayət, həm də axmaqlıqdır, – dedi. – Mən Şimal və Cənubun birliyini təklif edirəm. Fəxrəddin etiraz edərək dedi: – Sən, İlyas, xalqın avamlığını, təriqət və mövhumat içərisində çürüdüyünü heç də nəzərə almırsan. Cənubi və Şimali Azərbaycanın hər kəndində yüzlərcə təriqətlər vardır. Ərəblər və iranlılar xalqın siyasi düşüncəsini çürütmək üçün minlərcə təriqətlər, məzhəblər yaratmışlar. Bu qədər müxtəlif əqidə daşıyan və bir-birini kafir bilən belə bir xalqı asanlıqla barışdırmaq mümkündürmü? – Xəlifələr mövhumatı xalq arasına nə məqsədlə yaymışdırsa, sən də o məqsədlə təriqət və mövhumata qarşı mübarizə aparmalısan. İlyasın bu sözündən sonra Fəxrəddin bir ah çəkərək: – Ah, bilirəm nə demək istəyirsən, İlyas, sənin fikrincə Azərbaycan hər əsr başında bir Babəkmi doğacaqdır? Babək bir nəfər idi, gəldi də, getdi də. İlyas etiraz edərək: – Səhv edirsən, tarixin xasiyyəti təkrardan ibarətdir. Bu ölkənin xasiyyəti Midiya dövründən bəri qəhrəmanlar yaratmaqdır. Sən məni dinlə, Azərbaycanın gələcək qəhrəmanlığı sənin adına yazılmalıdır. * * * Müşavirə yenə də bir qərar çıxarmadan dağıldı. İlyasla Fəxrəddin eşiyə çıxarkən, Fəxrəddin yavaşdan: – Özüm işə başlayacağam. Mən Əmirin yanına yol tapa bilərəm, – dedikdə, İlyas: – Sənin fikrini bilirəm, – dedi. – Sən Dilşadın məhəbbətindən sui-istifadə etmək istəyirsən. Mənə de görüm, sən o qızı sevirsənmi? – Sevirəm, dəlicəsinə sevirəm! – İndi ki, sevirsən, onu qorxulu işlərə məcbur etmə. Sənə tapşırıram, ehtiyatlı ol, o qızı itirə də bilərsən. * * * Dilşad Bu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü. Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü. Uzun dəhlizlərdə heç kəs görünmürdü. Yalnız xacə Müfid əynində ağ gecə paltarı, qəbirdən xortlamış ölü kimi dolaşır və hərəm otaqlarının qapılarını güdürdü. Nəhayət, o da öz otağına çəkildi. Bağçanın və sarayın ətrafında dolaşan pasibanların səslərindən başqa bir səs yox idi. Tez-tez: “Ahuy! Huşyar! Burdayam! İrəli gəlmə! Vurdum! Əlini qıfıla vurma!” səsləri eşidilirdi. Bu səslər ucaldıqda köpəklər də bu səslərə qoşulurdu. Hamı yatmışdı, yalnız Dilşadı yuxu aparmırdı. O, Fəxrəddini bir neçə gündən bəri görmədiyi üçün rahatsız idi, çünki Fəxrəddinə göndərdiyi məktublardan da cavab yox idi. O, Fəxrəddinin görüş üçün bağçaya gələcəyinə inanmasa belə, yenə də yatmamışdı; o yenə də hovuzun başına gedib Fəxrəddin ilə danışdıqları yerə baxmağı qərara almışdı. Odur ki, yerindən qalxdı, yatağının içində bir qədər oturdu, sonra da qalxıb pəncərədən bağçaya baxdı, səsləri dinlədi. Bir az düşündükdən sonra qapını açıb dəhlizə baxdı, xacə Müfidi də orada görmədi. Fəxrəddin bu gecə Dilşad üçün hər gecədə olduğundan daha artıq lazım idi. O, Fəxrəddini görüb onunla mühüm bir məsələ haqqında danışmaq istəyirdi. O, əllərini daraqlayıb pəncərədən bağçaya baxır və düşünürdü: “Onun sevgisi həmişəlik deyil, niyə də o həmişəlik mənim sevgimə bağlansın? O bir qəhrəmandır, həm də gözəl və yaraşıqlı bir gəncdir. Mən kiməm? Əmirin cariyəsi, bir nəfər Biləqan kəndlisi... O məni nə üçün sevsin? Gözəlliyim üçünmü?” Dilşad bunu düşünərək güzgünün qarşısına keçdi, qara gözlərinə, dağınıq saçlarına, uca və zərif əndamına baxdı, yenə də öz-özünə dedi: “Mənim kimi gözəllər azdırmı? Tanrının Süsən xanımı da məndən bir neçə qat gözəldir. Fəxrəddinin kübar ailəsi öz qəhrəmanlarının bir cariyəyə evlənməsinə əbədən razı olmayacaqdır. Onun özü də bunu düşünür, lakin gənc bir qızla müvəqqəti əylənməyin nə zərəri var imiş?! Bizim taleyimiz olsaydı, ailəmizdən ayrılıb saraylarda həbsxana həyatı keçirməzdik”. Dilşad libasını geyinməyə başlarkən, yenə də öz-özünə danışırdı: “Bu qiymətli libaslar mənim üçün bir kəfən qədər qorxuludur. Çünki bu zinətlərin bizə nə üçün geydirildiyini bilirik. Bu libaslar sərxoşların kef məclisində saqilik etmək və onların şəhvətlərini coşdurmaq üçün bizə verilmişdir. Əlbəttə, Fəxrəddin məni almaz. O, sərxoşlara saqilik edən bir qızı almaq həqarətini öz qəhrəmanlıq namusuna sığışdıra biləcəkdirmi? Yox, o mənimlə əylənir; mən görürəm: o mənimlə görüşdüyü zaman düşünür, hətta mənim alnımdan öpmək istədiyi zaman tərəddüd göstərir. Mən də özümdə elə bir vəziyyət hiss edirəm. Hətta, ona olan sevgim sanki bu həyatın müvəqqəti olduğunu mənə oxuyur. O, bəzən məni buradan qurtaracağını da mənə söyləyirdi, o, yalançı deyil, lakin sevgilər coşduğu zaman danışılan söhbətlərin və verilən vədələrin o qədər də əhəmiyyəti yoxdur. O məni buradan nə vasitələrlə qurtara bilər? Çox da ki, o qəhrəmandır, bir cariyədən ötrü bir hökumətlə müharibəyə çıxa biləcəkmi?”. Dilşad Fəxrəddinin sevgisi və verdiyi vədələri haqqında bir çox mənfi fikirlərdə, ümid verməyən dərin mühakimələrdə bulundu, lakin bunların heç birisi onun qəlbini bağçaya çıxmaq fikrindən daşındıra bilmədi. Dilşad, Fəxrəddinin görüşə gəlməyəcəyini yəqin etsə belə, yenə haman görüş yerinə getməyə tələsirdi. Zatən Fəxrəddinin özündə də belə bir adət var idi. O da Dilşadın bağçaya çıxmadığını bildiyi halda yenə də qorxu və təhlükəni nəzərə almayaraq Əmirin bağçasına getməkdən çəkinməzdi. O daima Dilşadla görüşdükləri yerə qədər gəlib orada bir az dayanar, sonra da qayıdıb gedərdi. Dilşad haman adətin təsiri ilə otağın qapısını ehtiyatla açıb uzun və qaranlıq dəhlizə çıxdı və daş pillələrdən düşüb ehtiyatlı addımlarla bağçaya tərəf irəlilədi. Son dərəcə qaranlıq bir gecə idi. Lakin bu qaranlıq içindən ulduzların şəfəqləri görünür, onların hər biri uzaqlarda yanan bir şam kimi parlayırdı. Gecənin qara çətiri altında kölgələnən hər bir şey qaranlığın yeknəsəq libasına bürünüb yatmışdı. Dilşad hər tərəfə göz gəzdirirdisə, Şərqin şəvə rəngində olan gecəsindən başqa bir şey görmürdü. Gənc bir qızın dodaqları kimi qızaran qızılgül, ağ ipəkdən incə don geyən nəstərən, saçlarını ağ buludların teştində çimdirən yasəmənlər, hətta budağından qopub hovuzun içinə düşən ağ və qırmızıyanaq almalar da qara rəngə bürünmüşdü. Hovuzun suları da qara, ağızlarından hovuza su buraxan aslan heykəlləri də qara, böyük fəvvarədən havaya qalxaraq inci şəddələri kimi hovuza tökülən qətrələr də qara idi. Bağçada suların səsindən başqa bir səs yox idi. Ancaq çinarın təpəsində oturub ara-sıra “haq-haq” çağıran haq quşu gecə görüşlərinin səhnəsini təzə-təzə açmağa başlayırdı. Dilşad ağacların arası ilə hovuzun ətrafını gəzirdi, lakin Fəxrəddini görmürdü, çünki hər bir sərv ağacı gecənin qaranlığında görüşə gələn bir gəncin qaməti kimi təcəssüm edirdi. Dilşad Fəxrəddini görməsə belə, Fəxrəddin Dilşadı görürdü. Dilşad gözlərini gecənin qara çöhrəsinə açaraq Fəxrəddini aradığı zaman, Fəxrəddin də göyün sinəsində qopan bir parça ulduzun ağaclar arasında çapaladığını zənn edirdi. Fəxrəddin on dörd gecəlik ayın qaranlığı yarıb bağçanı işıqlandırmaq istədiyini hiss etdiyi zaman, Dilşad hovuza yaxınlaşdı. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun incə yanaqlarına düşürdü. Gəncə gecəsinə məxsus küləklər yavaş-yavaş şiddətini artırır və Dilşadın açıq saçlarını sünbül xuşələri kimi o çiynindən bu çiyninə tökürdü. Dilşad Fəxrəddini aramaq üçün tələsdiyi zaman yarpaqlar da bu fürsətdən istifadə edərək tez-tez onun nazik çöhrəsindən öpür, ağacların şaxələri isə bir rəqib kimi əllərini uzadıb görüş sövdası ilə uçan gecə pərisinin nazik əndamını qıdıqlayırdı. Birdən Dilşad bir səs eşitdi: – Buradayam, Dilşad! Dilşad o səsin qəlbindən qoparaq qulağında əks etdiyini zənn etdi, çünki o səsi neçə aylardan bəri bu hovuzun yanına gəldiyi zaman eşidirdi. Onun qulaqları yalnız gecələri deyil, gündüzləri də bu səsi əzbərləyirdi. Dilşad səs gələn tərəfə bir neçə qədəm də irəlilədi, nəhayət, dodaqlarından bilaixtiyar bu kəlmələr qopdu: – Ah! Bu da bir yuxudur. İnsanlar gündüzlər fikirləşdiyini gecələr öz yuxusunda görmürmü? Buna cavab olaraq Dilşad bu səsi eşitdi: – Gözəl Dilşad, yuxu görmürsən, irəli gəl, buradayam. Dilşad irəlilədi, Fəxrəddin hovuzdan bir az kənarda sərv ağacına söykənib durmuşdu. Onların özləri də hiss etmədən iki gözün bəbəyi bir-birinə zilləndi. Nəhayət, Dilşad dodaqlarını Fəxrəddinin dodaqlarından çəkərək: – Bu gecə səni hər gecəkindən artıq görmək istəyirdim, sən mənə lazım idin, – dedi. – Nə kimi bir hadisə vardır? – Sən özün düşün, saray həyatı hadisəsiz olurmu? Bu gün eşitdiyim xəbəri bilmiş olsan, həyəcanın daha da artacaqdır. Fəxrəddin onun dodaqlarından bir daha öpərək: – Söylə, mənim Dilşadım, söylə! Bəlkə də səni kədərləndirəcək hadisənin qarşısını ala bildim. Dilşad ağlayaraq: – Kaş məni də Bağdada gedən qızlara qoşub aparaydılar. Mən elə düşünürdüm ki, vətənimdə qalıram, heç olmasa Biləqan üzərindən keçib gələn doğma ruzigar mənim də üzümə dəyəcəkdir. Nəfəs aldığım zaman vətənimin gözəl havalarını udacağam. İndi isə ruzigarlar zəhərlənib, mənim ciyərlərimə dolur. Vətən və yurdumun havası ilə uçan fikirlərimi bir cəhənnəm təhlükəsi qarşılayır. Məni sevmədiyim və görmək istəmədiyim bir adamın qucağına atmaq istəyirlər. Məni diri ikən torpağa basdırırlar. Fəxrəddin həyəcanlı bir halda soruşdu: – Bu nə sözdür, Dilşad, məgər Fəxrəddin ölübdür? Bu sözləri ancaq mən öləndən sonra danışmaq olar. Səni kimə vermək istəyirlər? – Əmirin katibi mənə eşqini elan edir. Bu hadisə mənim üçün bir ölüm deyilmi?! – Hansı katib? Adı yoxdurmu? – Nə üçün yoxdur. O adam Mühakim ibn-Davuddur. Nifrət etdiyim xəsis və çirkin bir ərəbdir. – İnana bilmirəm! – İşin həqiqəti budur. Bunu Əmirin qadını Safiyə xanım istəyir. O mənim sarayda qalmağıma əsla razı deyil. O məni öz ərinə qısqanır, hər bir addımda məni təhqir edir. Mühakim ibn-Davud bu gün mənə yanaşaraq: “Sən mənim olacaqsan, mən səni sevirəm, sən sevməsən də eybi yoxdur” – dedi. Dilşad bu sözləri dedikdən sonra şiddətlə ağladı. Fəxrəddin sakit durub düşünürdü. Bu vəziyyət Dilşadın həyəcan və kədərinə səbəb oldu. Dilşad Fəxrəddinin bu hadisəyə laqeyd baxdığını və sakit durub düşündüyünü görüb, tutqun bir səslə dedi: – Mən ona təslim olmayacağam. Gecələrin birində özümü hovuza atıb məhv edəcəyəm. Fəxrəddin öz fikrini açıq deməyə qorxurdu. O öz qəlbində “mən bu hərəkətimlə Dilşadı məhv edə bilərəm” – deyirdi. Lakin onun bu sükutu qızın qəlbində olan ümidsizliyi bir daha artırır və onu intiharın qoynuna sürükləyirdi. Buna görə də Fəxrəddin öz qəlbindəki sirləri gizlədə bilmədi: – Bilmirəm, sənə gizli bir sirri tapşırmaq mümkündürmü? Bilmirəm, sən bu sirri öz qəlbində saxlaya bilərsənmi? – dedi. Dilşad bunun cavabında: – Mənim sirr saxlamayan bir qız olmadığım üçün əlində əsasın vardırmı? – dedi. – Mən onu bilirəm ki, sənin bütün təşəbbüslərin xalqın səadəti üçündür. Sənə əbəs yerə qəhrəman demirlər. Səni xalqa sevdirən də budur. Sənin mənə verəcəyin sirləri qanımda və ruhumda gizlədib mühafizə edə bilərəm. Söylə, Fəxrəddin, söylə, mən o qədər də ağılsız qız deyiləm. Fəxrəddin onun saçlarını sığallayaraq: – Elədir, Dilşad, – dedi. – Sənə vermək istədiyim bu sirr sənin və mənim səadətim üçün olmaqla bərabər, böyük xalqın da səadəti üçündür. O sirr bundan ibarətdir: sən müvəqqəti olaraq Mühakim ibn-Davudun sevgi elanlarına etiraz etməməlisən. Dilşad acıqlı bir halda soruşdu: – Bu nə deməkdir?! Özünü qəhrəman hesab edən bir gənc sevdiyi qızın başqasına nazlanmasını təklif edə bilərmi?! Fəxrəddin tələsik dedi: – Sən mənə axıra qədər qulaq asmadın. Sən onun qələmdanındakı hökumət möhürünü götürmək üçün imkan əldə edincəyə qədər onu özündən rədd etməməlisən. – Hökumət möhürü bizim nəyimizə lazımdır? Onunla biz saxta vəsiqələrmi düzəltməliyik? – Vəsiqələr düzəltmək lazım deyil. Sən o möhürü Mühakimin qələmdanından götürməlisən. Xacə Müfid Əmirin qadını Safiyə xanımın otağına girdiyi zaman möhürü onun ayağının altına buraxmalısan. Ancaq burada təmiz işləmək lazımdır. Möhürün sənin tərəfindən götürülüb yerə salındığını kimsə bilməməlidir. Müfid çox şeytandır, möhürü yerə buraxdığın zaman o səndən şübhələnməməlidir. Fəxrəddin bu sözləri dedikdən sonra bir daha Dilşada sual verdi: – Sən bunu öz öhdənə götürə bilərsənmi? Dilşad fikrə getdi, bu da Fəxrəddinin qəlbində şübhələr oyanmasına səbəb oldu. Buna görə də o, sözünü davam etdirdi: – Hərgah bu fikri həyata keçirmək sənin üçün çətindirsə, açığını söyləyə bilərsən. Onu bilməlisən ki, mən səni bunun üçün, yəni sənə bu cür vəzifələri tapşırmaq üçün sevmirəm, bunsuz da sən mənim üçün ən istəkli bir qızsan. Dilşad başını onun sinəsindən qaldırdığı zaman mehriban bir səslə: – Ürəyinə şübhə dolmasın, mənim ruhum! – dedi. – Mən qorxduğum üçün yox, sevindiyim üçün düşünürdüm. Mən səni anlayıram, dediklərini həyata keçirəcəyəm. Onlar xoruzlar banlayana qədər hovuz başında oturub danışdılar. Ay Xanəgah kəndinin yüksək təpələri dalından kirşanlanmış alnını göstərdiyi zaman onlar da dodaqlarını bir-birinə uzadaraq vidalaşmaq istədilər, çünki ay çıxarkən hovuz ətrafındakı ördəklər və hətta tovuz quşları da səhər nəğmələrini başlayacaq idilər. Dilşad otağının qapısını bağlayıb yatağına girdiyi zaman xacə Müfid də yerindən qalxıb, hərəmlərin və cariyələrin yatdığı otaqlara baxa-baxa dəhlizdə gəzirdi. * * * Möhür Əmir İnanc nə qədər qaba və şüursuz olsa da, yenə Şərqdə baş verən siyasi hadisələrin incəliklərini bir-birindən ayıra bilirdi. Beynəlxalq vəziyyət onun şəxsi həyatını da qorxu altına salmışdı. Şərqdə böyük bir hökumət təşkil etmiş səlcuq xanədanının sönməsi Şərqin siyasi vəziyyətini alt-üst etmiş və Şərqin coğrafi vəziyyətində bir çox dəyişikliklər yaratmışdı. Hökumətin səlcuqilərdən Eldəniz övladına keçdiyi zaman böyük bir səltənət qurmaq imkanını əldə edə bilməyən Xarəzmşah Əlaəddin Təkişi səlcuqilər məmləkəti hesabına olaraq məmləkətini genişləndirməyə başlayırdı. Artıq səlcuqilərin nüfuzu təsirində yaşayan xəlifə Xarəzm şahlarının nüfuzu altına keçirdi. Əmir İnanc öz hökmranlığında qalmaq üçün xəlifənin yardımına arxalana bilmirdi. Buna görə də o öz-özünə: “Xəlifənin mənim kimi yüzlərcə kürəkənləri vardır, – deyirdi. – Xəlifənin minlərcə cariyəsindən doğulan qızların hər birisi mənim kimi bir adamın evindədir. Kim bilir! Bəlkə, xəlifə Safiyə adlı bir qızı olduğunu tamamilə unutmuşdur? İndiki zamanda xəlifənin cariyələrdən doğulan qızlar barəsində düşünməyə vaxtı vardırmı? O, qızlarını hakimlərə verirkən hakimlərə kömək etmək məqsədilə yox, onlardan kömək almaq fikrini daşıyırdı. Bir halətdə ki, bir kömək ala bilməyəcəkdir, o zaman nə üçün də mənim qeydimə qalsın”. Əmir İnanc bu cür düşünməyə haqlı idi, çünki Nurəddin vasitəsilə öz qayınatası xəlifə Müstərşidbillaha göndərdiyi məktuba cavab ala bilməmişdi. Əmir İnanc çox düşündükdən sonra öz-özünə cavab verirdi: “Xəlifə nə etsin? Onun ruhani nüfuzu da sönməyə başlamışdır. Ölkələrin hakimləri özlərini padşah elan edir. Misirdə böyük bir səltənət quran fatimilər süqut etməklə yerinə əyyubilər xanədanı keçir, xəlifənin son nüfuzunu qırmaq üçün əyyubilər Fərat və Dəclə sahillərinə qədər enirlər. Eldəniz oğlanları İraq, Fars, Rey və sair ölkələri qarmalamaqdadırlar. Mənim qorxum da Eldəniz övladındandır. Onlar iş başına öz sadiq nökərlərini qoymağa başlayacaqlar. İnanc xanədanı isə onlar üçün çox da sevimli deyil. Hələ bir neçə ay bundan əvvəl onlar Rey məmləkətini əmim oğlanlarının əlindən aldılar”. Əmir axşamdan bəri ancaq bu cür mövzular üzərində düşünürdü. Bu gecə öz adəti xaricində olaraq rəqqasələri də yanına buraxmamış, “şərabınız xoşuma gəlmədi” – deyərək saqiləri də yanından qovmuşdu. Bu kimi hallarda o, istəkli qadını Safiyə və sevimli qızı Qətibəni də öz yanına buraxmazdı. O təkcə oturmuşdu. Xidmətçilər qorxularından siçan deşiklərinə soxulmaq istəyirdilər. Əmirin bu kimi kədərli vəziyyəti bütün saray xalqına təsir etmişdi. Hər gün arı pətəyi kimi qaynaşan saray həyatı tamamilə sönmüşdü. Yüzlərcə cariyələrin qəhqəhələrindən titrəyən mərmər sütunlar indi xaraba qəbirlər üzərində quruyub qalan məzar daşları kimi qəmgin-qəmgin baxırdı. Hər axşam hərəm və cariyə mənzillərindən eşidilən musiqi nəğmələrinin yerində lal və kar bir vəziyyət hökm sürürdü, çünki belə zamanlarda gülənlər və şadlıq edənlər Əmirin qəzəbinə düçar olaraq qaranlıq zirzəmilərə atılır və cəzalanırdı. Əmir məxmər döşəyin üstündən qalxıb evi dolaşdı və pəncərənin tirmə pərdələrini qaldırıb bağçaya baxmağa başladı. Lakin bu mənzərə də onun əzici kədərlərini azalda bilmədi. Gələcək fikri onu bir əjdaha kimi təhdid edir, ümidsizliyə sürükləyirdi. Xacə Müfid Əmiri rahatsız etməmək üçün qapını oğru pişiklər kimi açıb içəri girdi. Əmir pərdəni salıb pəncərədən ayrıldığı zaman Müfidi görüb sual verdi: – Nə üçün gəldin? Bir hadisədənmi xəbər verəcəksən? Müfid boynunu əyərək, dişlərini ağarda-ağarda əyildi və: – Əmirə ərzim vardır, – dedi. Əmir hövsələsi darıxmış və hər şeydən iyrənmiş bir halda dedi: – Gətirdiyin xəbərlərin bir çoxu yalan xəbərlərdir. Görünür ki, əlinə həqiqət keçmədiyi zaman yalanlardan da istifadə edirsən. Müfid belini düzəldərək Əmirin üzünə narazı bir nəzərlə baxaraq dedi: – Əmir həzrətlərinə bir kəlmə də olsa yalan deməmişəm. Cariyəniz Lalənin qulunuz Mərcanla sevişdiyini, Tubanın Söhrabla əlaqədə olduğunu, Qonçanın Əbüssəlt ilə qəbahət işdə bulunduğunu sizə ərz elədiyim zaman yenə də buyurdunuz ki, “belə işlər ola bilməz”. Lakin iki qız, bir də oğlan dünyaya gələndən sonra işin həqiqət olduğunu təsdiq etdiniz. Əmir yenə də hövsələsi təng bir halda dedi: – De görüm, indi nə xəbər gətirmisən? – Gərək mənə aman və icazə verəsiniz. – Aman və icazə verdim. Tez danış, uzunçuluq etmə! Müfid icazədən sonra qoynundan hökumətin möhürünü çıxarıb Əmirə verdi. Əmir təəccüblə möhürə baxaraq dedi: – Bu möhür haradan sənin əlinə düşdü?! Müfid qorxa-qorxa cavab verdi: – Oradan! – Oranın adı olmazmı? Bu möhürü Mühakim ibn-Davudun qələmdanındanmı götürdün? – Əlhəmdülillah, Əmirin nəsli nəcib, ailəsi müqəddəs, şərəf və həyaları günəşin çeşməsindən təmiz və işıqdır. Lakin bu möhürün haradan tapıldığını söyləmək qulunuz üçün çox çətindir. Bir daha mənə qəzəbinizdən aman verin! Əmir hal-təbiisindən çıxdı və titrək bir səslə: – Sübhanallah! Mənim sarayim sirlər yuvasına döndümü?! Bu şeytan oğlu şeytan yenə nə kimi xəbərlər gətirmişdir? Allah etməsin! Qızım Qətibə barəsində bir şey öyrənmişmi?! Hərəmlərim haqqında böyük bir xəyanətin izini açmışmı?! Əmir bunları öz-özünə söyləyəndən sonra bir daha Müfidə müraciət etdi: – Nə üçün təxir edirsən? Mənim həyəcanlarımı artırmaq, ürəyimi partlatmaqmı istəyirsən? Müfid təzim edərək: – Əstəğfürullah, Əmir həzrətləri! Əmir Müfidin yaxasından tutub silkələdi: – Danış! De görüm, bu möhürü haradan tapdın? Alçaq, mənimlə oynamaqmı istəyirsən? – Bu möhürü Əmir həzrətlərinin möhtərəm xanımı Safiyə xanımın otağından tapmışam. Əmir bu sözlərdən sonra möhürə bir daha baxdı və cibinə qoyandan sonra bir sual da verdi: – Sarayda daha nə xəbər vardır? – Bir də ki, Fəxrəddin məsələsidir. – Fəxrəddinin nə məsələsidir? – Xəlifə həzrətlərinə hədiyyə göndərmək istədiyiniz qızlardan birisini sevir. – Onun sevməsi çox da mühüm bir xəbər deyil, qızın sevib-sevməməsini bilmək lazımdır. Qız da onu sevirmi? – Bəli, Dilşad da onu sevir. Əmir təəccüblə: – Dilşad?! – Bəli, Dilşad! Mən onun Fəxrəddini sevdiyini duymuşdum, buna görə də qıza çoxdan bəri göz qoyurdum. Bir neçə gün bundan əvvəl, Əmir həzrətləri gecə vaxtından qabaq istirahətə məşğul olmuşdu. Saray xalqı da yatmışdı. Mən Dilşadın yatmadığını hiss etdim. Buna görə də yataq paltarımı geyib dəhlizə çıxdım, onun qapının arasından məni pusduğunu təyin etdim və özümə aldırmadan yataq otağıma girib, qapını kilidlədim. O, şübhəsiz ki, kilidin səsindən mənim yatdığımı zənn etdi. Lakin mən bağlı qapını yox, açıq qapını kilidləməklə qapını bir az açıq qoymuşdum. Bir azdan sonra Dilşad yerindən qalxıb dəhlizə çıxdı və böyük bir ehtiyatla bağçaya düşüb, Fəxrəddini aramağa başladı. Hovuzun yanında onların görüşdüklərini gördüm. – Sən onun Fəxrəddin olduğunu haradan bildin? – Fəxrəddini səsindən tanıdım. O, “buradayam, Dilşad!” – deyə qızı səsləyirdi. – Nə danışdıqlarını bilmədinmi? Müfid sakit oldu, onun bu sükutu yenə də Əmirin həyəcanını artırdı, acığından Müfidi vurmaq istərkən, Müfid sözə başlayaraq ağlaya-ağlaya danışdı: – Şeytan qızı şeytanı dörd saatdan bəri güdürdüm, özüm də sərxoş idim. Hovuzun kənarında oturub onların danışıqlarına diqqət vermək istəyirdim. Lakin ayılıb gördüm ki, səhərdir. Ördəklərin qanadlarından üzümə sıçrayan qətrələrdən diksinib ayıldım. Orada heç bir kəsi görmədim. Əmir bunu eşitdikdə: – Çıx get, nankor! Bir işi axıra qədər öyrənməyi də bacarmırsan! – deyərək ona acıqlandı. Müfid gedəndən sonra Əmir bir daha hökumət möhürünü cibindən çıxarıb baxdı və öz-özünə danışmağa başladı: “Xəyanət o qədər genişləndi ki, mənim yataq otağıma qədər gəlib çıxdı. Dünyada başlanan qarışıqlıq mənim evimə də təsir etdi. Qocalmışam, qadınımsa gəncdir. Bütün vaxtımı hökumət işlərinə sərf etdiyim üçün, öz ailəmə diqqət verə bilmədim, iş o yerə yetişdi ki, katibim də mənim ailəmə xəyanət etməyə cəsarət etdi. Böyük bir ölkənin işlərini öyrənməyi bacardım, lakin öz evimin içərisini öyrənə bilmədim. Ancaq, mənim qadınım insafsızlıq etdi, o məni öz katibimə satmamalı idi. Xain qadın öz oynaşı Mühakimi saraya gətirmək üçün Dilşadı ona verməyə çalışırdı. O daha bunu görə bilməz. Ərə gedirsə, qoy mənim evimdən çıxıb getsin. Mən öz qadınımı öz evimdə ərə vermək namussuzluğunu qəbul edə bilmərəm”. Əmir evi bir neçə kərə dolaşdı, fikir və düşüncə onu dəli olmaq dərəcəsinə gətirmişdi. O, yenə də öz-özünə danışırdı: “Qadınımdır. Xain çıxdı. Ona talaq vermək və evdən çıxarmaq lazımdır. Lakin buna imkan tapa bilməyəcəyəm. O, xəlifənin qızıdır. Mənim taleyim xəlifənin iradəsindən asılıdır. Əmirin qadını, xəlifənin qızı öz sarayında fahişəlik etməyə başlamışdır. Xalqın bu söhbətlərini eşitməkdənsə, namussuzluğu qəbul etmək daha yaxşıdır. Lakin o katibi, öz ağasına xain çıxan haramzadəni məhv etdirəcəyəm. O, ərəb qızı idi, mənsə bir türkəm, nəhayət, o yenə bir ərəbə satıla bilər”. Qapının pərdəsi qalxdı, qoca bağban Salim baş endirib dururdu. Əmir ona fikirli bir surətdə baxıb öz-özünə dedi: “Bu da bir xəyanətin xəbərini gətirmişdir”. Sonra bağbana müraciətlə: – Danış görüm, Salim, danış! – dedi. Salim bir daha təzim edib danışmağa başladı: – Bir neçə gün bundan əqdəm sizin qoca nökəriniz yaramaz bir vəzifəni ifa etməyə məcbur oldu. Ailənizin namusuna və təmizliyinə heç bir söz ola bilməz. Lakin qızınız Qətibə xanımın bağlı bir məktubunu Gəncə şairlərindən İlyas adlı bir nəfərə aparmışam. Əmir bağbana bir sillə vurandan sonra: – Haramzadə, məktubu aparandan sonra mənə xəbər gətirirsən?! Cavabını da alıb gətirdinmi? Salim titrəyə-titrəyə cavab verdi: – Xeyr, sənə qurban olum, cavabını vermədi! – Cavabı verərsə, düz-doğru mənim yanıma gətirərsən. Xain, ikiüzlü haramzadələr! Rədd ol burdan! Salim getdi. Əmir evin ortasında durub başını əlləri arasına alaraq yenə də öz-özünə dedi: “Anası çıxan ağacları balası budaq-budaq gəzə bilər. Hər tərəfdə xəyanət! Düşmən mənim sarayımın içərisində işləyir. Bir gün məni öz yatağımda məhv edərlərsə, kimin xəbəri ola bilər?!”. Bir azdan sonra qapıçılar, aşpazlar, paltarçılar, keşikçilər və dərbanlar bir-bir Əmirin hüzuruna gəldi və bilib öyrəndiklərini xəbər verib getdi. Əmir qəzəbini sakit edə bilmədi, cibindən möhürü çıxarıb baxdı və düşünməyə başladı. Mühakimin xəyanətləri onun gözlərində canlanmağa başladı, o öz sevgili qadınını Mühakimin qucağında görürkən: “Mühakim! Mühakim!” – deyə qışqırdı. Mərcan tələsik daxil oldu. Əmir Mərcanı görərkən: – Tez get, Mühakim ibn-Davudu mənim hüzuruma çağır! – dedi. Mərcan getdi. Əmir yenə də qadınının xəyanətlərini bir-bir xatırladı, – həyasız qadın! – dedi, – o mənə ərə gəldiyi zaman belə, məni sevmirdi. Xəlifə onu bu izdivaca məcbur etdi. O mənim qollarımın arasında yatdığı zaman belə yuxusunda başqalarının adını çəkirdi, özüm də hiss edirdim ki, o, məni öpdüyü zaman gözlərini yumaraq, başqasını xatırlayırdı. Mən ona yaxın getdiyim zaman o özünü başqasının qucağında hiss edərək nazlanırdı. Bu da nəticəsi... Vaxtilə bunu mənə ərə verəndə yalvarıb verdilər, çünki o zaman xəlifənin mövqeyi bir tükdən asılı idi. İndi isə mənim mövqeyim bir tükdən asılıdır. Haman tükün ucu bu xain qadının atasının əlindədir. Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu. O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi: “Məncə, xəyanətin əsas cəhəti katibdədir. O, qadındır. Qadın tayfasının avamlığını kim bilmir? Kişi ki var, qadının şeytanıdır. Onlar əfv ediləcək insanlardır. Lakin mənim süfrəmin başında oturan və mənim çörəyimi yeyən bir zat mənə qarşı bu xəyanəti rəva görməməli idi”. Bu anda qapı açıldı. Mərcan qulamla bərabər Mühakim ibn-Davud daxil oldu. Əmir ona heç bir şey sezdirmədən: – Mühakim, otur, – dedi, – lazımlı şeylər vardır, onları yazmalısan. Mühakim ibn-Davud qələmdanı çıxarıb yazı taxtasının üstünə qoydu, qurşağından timarı çıxartdı, kağızı kəsib götürdü, sonra da gözlərini Əmirin ağzına dikdi. Əmir bir daha: – Yaz, – dedi, – “Saray naziri Toxtamış cənablarına əmr edirəm: bir həftəyə qədər xəlifə sarayına göndəriləcək cariyələrin hazırlığını görüb yola salasan. Cariyələrdən Dilşad, Süsən, Zümrüd, Şahin, Solmaz, Şamama və Bahar da göndərilməlidir. Verdiyim əmr qətidir”. Katib əmrnaməni yazıb qurtardıqdan sonra, Əmir alıb imza etdi və katibə qaytarıb dedi: – Al, sən də möhrünü basıb imza et. Katib qorxusundan özünü şaşırdı və əlini ciblərinə atıb möhürü axtarmağa başladı, qələmdanının içini bir neçə kərə gəzdi. Nəhayət, yalvarıcı bir halda Əmirə müraciət etdi: – Möhürü evdə qoymuşam, icazə verin gedib gətirim. Əmir: – Doğrudur, möhürü evdə qoyubsan, lakin öz evində yox, başqasının evində... – dedi. İbn-Davud təəccüblə soruşdu: – Necə yəni başqasının evində? – Bəli, başqasının, öz vəliyülnemətinin, səni bu mərtəbəyə çatdıran Əmir İnancın evində, alçaq, nankor katib! Mənim namusumu nəzərə almadın, heç olmasa namuslu bir ərəb kimi xəlifənin namusuna hörmət qoyaydın!.. Al, budur sənin möhürün! Mənim qadınımın otağında, mənim namusumu namussuz bir ərəbə satan axmaq qadının otağında salıb itirmisən. Nankor insan! Mən beş nəfər ərəbin böyük bir məmləkətdə ağalıq etməsinə çalışırdım. Bu da mənim əməyimin nəticəsi! Bu da mənim ərəblərdən aldığım mükafat!.. Mühakim ibn-Davud titrək bir səslə: – Ya Əmir, icazə verin. Bu nə söhbətdir?! Mən?! – Bəli, sən! – Mən heç vaxt vəliyülnemətimin ailəsinə qarşı belə alçaqlığı etməmişəm. Bu mənə qarşı açıq bir böhtandır. Bu hadisəni yoxlamaq lazımdır. – Kəs səsini! Al möhürü, kağızı möhürlə! Mühakim ibn-Davud möhürü alıb əlləri titrəyə-titrəyə kağızı möhürlədi. Əmir yenə də ona qışqıraraq: – Qaytar mənə o möhürü! Sən o möhürü daşımağa layiq deyilsən! – deyə Mərcanı səslədi: – Mərcan! Mərcan! Mərcan içəri girdi: – Hazıram, Əmir! – Get, bu saatda qulamlardan Heydəri, Poladı, Səfini bura çağır, söylə ki, qamçıları və çubuqları götürüb bura gəlsinlər. Mərcan getdi, Mühakim isə özünü bu haqsız cəzadan qurtarmaq üçün ağlaya-ağlaya Əmirə yalvarırdı: – Mənim bu xəyanətdən əsla xəbərim yoxdur, bu böhtanı kim isə mənim üzərimə atmışdır. Siz bu cəzanı həmişə mənə verə bilərsiniz. Yaxşı olar ki, bu işi yoxlatdırasınız. Əmir bu yalvarışları eşitmirdi. Onun sözlərinə nə hə, nə də yox cavabını verirdi. Çünki qadınının otağından tapılan möhür onun üçün əsaslı bir sübut hesab olunurdu. Qulamlar çubuq və qamçılarla içəri girdilər. Dərhal meşin xalçanı yerə sərib Mühakimi onun üstünə yıxdılar. Onu soyundurmağa başladılar. Mühakimin əynində tuman və köynəkdən başqa heç bir şey qalmamışdı. Onun başının və ayaqlarının üstündə oturdular. Əmir bir kərə əmr verdi: – İki yüz əlli çubuq! Mühakimin yalvarış və qışqırtı səsləri bütün sarayı bürümüşdü. Çubuqların yarısı vurulandan sonra onun qışqırtısı kəsildi, artıq o bayılmışdı, çubuqları ruhsuz bədənə vururdular. Əmirin qadını adəti üzrə müqəssirin döyüldüyünü eşidərkən onu buraxdırmaq üçün qəfildən içəri girdi, tələsik irəli gəlib soruşdu: – Bu kimdir? Təqsiri nədir? Əmir İnanc qadınına tərs-tərs baxaraq dedi: – Bu həyasız adam, öz vəliyülnemətinin namusuna təcavüz etmiş, bu adam öz ağasının qadınına xəyanət əlini uzatmışdır. Safiyə xanım bu sözləri eşitdikdən sonra bir daha irəli gəlib qulamlara qışqırdı: – Əl saxlayın, fəqirin öldüyünü hiss etmirsinizmi?! Qulamlar dayandılar, lakin Mühakim hərəkət etmirdi. Safiyə xanım isə ona diqqətlə baxıb tanıdı və əllərini dizlərinə çalıb: – Ax, bu zavallı Mühakimdir ki, – dedikdə, Əmir də: – Bəli, Mühakimdir, sənin istəkli Mühakimindir. Onu bu cəzaya giriftar edən sənin alçaq və avamsızcasına məhəbbətindir. Tərbiyəsiz və axmaq qadın! Namuslu və kübar bir adama satılsaydın, yenə də dərd yarı idi. Kimə? Alçaq bir ərəbə satıldın! Sən mənim namusumu ancaq ərəbə sata bilərdin, çünki səndə ərəb qanı vardır. Safiyə xanım bu sözlərdən heyrət etdi. Hətta bunların özünə aid olmadığını zənn edərək soruşdu: – Mən səni heç də anlaya bilmirəm. Sən bununla nə demək istəyirsən? Satılan kimdir? Ərəb qanının burada nə kimi nöqsanı ola bilər? Açığını de görüm, bu sözləri deməkdən məqsədin nədir? Əmir istehzalı bir surətdə möhürü göstərib dedi: – Mənim məqsədimi ancaq bu möhürdən soruşa bilərsən. Bu möhür mənə hər şeydən sadiqdir. Mən ancaq bunun vasitəsilə uzun illər davam edən xəyanətlərin izini açmışam. Sən Safiyə, Aran məmləkətinin hökmdarını süfrəmin tör-töküntüsü ilə böyümüş bu alçağa satdın. Rədd ol mənim gözümdən! Safiyə xanım heç bir söz demədi, qolunu gözlərinə tutub ağladı və Əmirin otağını tərk etdi. Katibin də huşdan getmiş bədənini meşin xalçanın üstündən götürüb dışarı çıxartdılar. Əmir evi dolaşır, qadınına qarşı aldığı vəziyyətin və qulamların yanında onu təhqir etməyin yersiz olduğunu düşünürdü. Lakin iş işdən keçmişdi. Əmir nə edəcəyini bilmirdi. O, öz-özünə danışırdı: “Günün vəziyyətilə hesablaşmadım. Qadınım xaindir, ona söz ola bilməz. Lakin işi tədbirlə görmək lazım idi. Əcəba, bir az gözləyə bilməzdimmi?! Onların hər ikisini heç kəs hiss etmədən məhv edə bilməzdinmi?! Bu əsnada Əmirin qoca veziri və eyni zamanda saray naziri Toxtamış içəri girdi və Əmirə müraciət edib soruşdu: – Əmir, bu nə hadisədir? Əmir hadisəni əvvəldən axıra qədər Toxtamışa danışdı, Toxtamış isə göz qapaqlarını örtüb bir az düşündü, sonra başını qaldırıb dedi: – Məsələ siz danışdığınız kimi deyil. Bu işdə xaricdən uzanmış bir əl işləməkdədir. Hadisəni çox gözəl düzəltmişlər. Siz gərək iqdamata başlamaqdan əvvəl mənimlə danışaydınız. Böyük səhv etmişsiniz. Xanım yol hazırlığı görməyə əmr vermişdir. Bu saat Bağdada yola düşməyə hazırlanır. Gərək siz vəziyyətlə hesablaşaydınız. Tutaq ki, belə bir xəyanət baş vermişdir. Əcəba, hökmdarların və şahların saraylarının hansı birisində bu kimi hadisələr yoxdur. Siz sakit işləyən dərmanları buraxıb, qamçıdan və çubuqdan nə üçün yapışırsınız? Bir kasa bal şərbətilə bu rüsvayçılığı örtə bilməzdinizmi? Əmirin boğazı tutuldu, ancaq bir kərə bu sözləri deyə bildi: – Toxtamış, əlac sənə qalmışdır. Bu xəbər Bağdada yetişərsə, mənim hökmranlığım məhv olub gedə bilər. Safiyəni başdan çıxar, qoy o məni bağışlasın, qoy mənim ailəmin pozulmasına səbəb olmasın. Toxtamış fikirli bir surətdə onun üzünə baxaraq: – Mən bacardıqca çalışacağam, lakin sən də bu sözləri onun öz yanında deyib üzr istəməlisən. Daima düşünmək, sonra da hərəkət etmək lazımdır. Mən bunu Əmir həzrətlərinə bir kərə deyil, bir neçə kərə demişəm. Əmir onun əlindən tutub: – Kömək et! – dedi. – Hadisələr, fitnələr mənim ətrafımı alıb. Qızım da yoxsul bir şairlə əlaqə düzəldibdir. O heç utanmadan mənim namusumu ayaqlar altına atır, yoxsul şairə məktub göndərir. Vəzir soruşdu: – Hansı şairə? – Nizami təxəllüsü altında şeir yazan İlyasa. İndi çağırıb onu da döydürəcəyəm. Vəzir yenə də nəsihətverici bir tövr ilə dedi: – Onu döydürmək məsləhət deyil. Onu da mənə tapşırın, mənim özüm bu işi yoxlaram, hərgah belə bir məsələ vardırsa, mən kiçik xanıma nəsihət edərəm. İlyası döydürmək isə qorxulu bir məsələdir. Gəncədə onun böyük nüfuzu vardır. Dayılarını da çox gözəl tanıyırsınız. * * * Toxtamış “Müharibələr Bağdadın qulağının dibində gedir. Soltan Mahmud ilə Soltan Məsud arasında gedən bu müharibə Bağdad xəlifəsi Müstərşidbillahın taleyini həll etmək üçün mühüm bir hadisədir. Çünki bunların hər ikisi xəlifənin hüququnu azaltmaq və öz əllərində olan məmləkəti genişləndirmək üçün çalışır. Bunun üçün də fürsətdən istifadə edən əcnəbilər Azərbaycan məmləkətini fitnə və macəralar yuvasına döndərmişlər”. Bu sözləri Əmir İnancın qoca vəziri Toxtamış deyirdi. Əmir vəzirin fikirlərini qismən rədd və qismən də qəbul edirdi. Əmir Aran məmləkətini idarə etmək barəsində danışaraq deyirdi: – Aran məmləkətini saxlamaq üçün Şirvan xaqanı Əbülmüzəffəri aldatmaq və Aranın Şirvana ilhaqını rəsmən olmasa da, hər il müəyyən vergi vermək şərtilə qəbul etmək lazımdır. Xəlifəni itirməmək üçün isə Bağdada verdiyimiz illik vergiləri göndərməliyik. Toxtamış buna etiraz edirdi. – Bu doğru bir fikir deyildir. Əmirin dediklərini həyata keçirmək lazım gəlirsə, Şimali Azərbaycanı Aran məmləkəti də daxil olmaq şərtilə qarət etmək lazımdır. Həm Şirvan şahlarını, həm də Bağdad xəlifəsini təmin etməyə müharibə və zəlzələdən təzə çıxmış məmləkətin imkanı yoxdur. Bu fikir Şimali Azərbaycanda təzə bir üsyan yaradılmasına səbəb ola bilər. Bunlardan başqa, həmin fikrin həyata keçirilməsi, Əmirin hökumətini gələcəkdə təhlükə qarşısında qoya bilər. Siz Eldəniz oğlanlarını çox da bacarıqsız hesab etməyin. Atabəy Məhəmmədin tədbirliyi və pəhləvanlığı bir tərəfdə dursun, Qızıl Arslan Şərqin ən məşhur siyasətçilərindən birisidir. Onlar hələ də Azərbaycan atabəyləri ölkəsinə düşmən olan fars məmləkətlərində vuruşurlar. Onlar hələlik Kirmanda Bəhram şahla vuruşurlar. Şübhəsiz ki, onlar qalib gələcəklər. Mən bu gün Əmir Qaraquşdan müfəssəl bir məktub almışam. Bu məktub Bəhram şahın ya məğlub və yaxud da mütarikəyə razı olacağına bir sübutdur. Eldəniz oğlanları fars və İraqda qalib çıxandan sonra, bir daha üzlərini Azərbaycana çevirəcəklər, o zaman onlar Əmir həzrətlərini məmləkəti Şirvanşahlara satmaq xəyanətilə töhmətləndirə bilərlər. Əmir yenə də bu fikrə etiraz etdi: – Qocasan, görünür, düşüncələrin də qocalır. Atabəy Məhəmmədin fars ölkələrindən qalib qayıtmasına o qədər də ümid yoxdur. Çünki Bəhram şahın ordusu Xorasanda dincini almaqda və hər cəhətcə özünü düzəltməkdədir. Toxtamış Əmirə etirazla dedi: – Doğrudur, mən qocalmışam, lakin fikrim qocalmamışdır. Fikrim bişmiş və kamala yetişmişdir. Mən Şərqin hazırkı vəziyyətini təqib edirəm. Mənim qardaşım Qaraquş Soltan Səncər zamanının ən görkəmli və tədbirli əmirlərindən idi. Hazırda o, Bəhram şahın hərbi müşavirlərindən birisidir. Mən onun fikrinə inanıram. Aranın və ümumiyyətlə, Şimali Azərbaycanın vəziyyəti barəsində onun fikrini bilmək istəmişdim. Məktubumda Şirvan məmləkətinə qoşulmaq, yaxud məmləkəti atabəylər üçün mühafizə etmək barəsində onun məsləhətini soruşmuşdum. Onun cavabını bu gün almışam, indi onu sizə oxumaq istəyirəm. Çünki Qaraquş vəziyyətlə dərindən tanışdır. Qoca Toxtamış bunları deyərək məktubu oxumağa başladı: “Böyük qardaşım Toxtamış! Məktubunun cavabını çox sürətlə yazdım. Bəhram şah Bərdəsirin mühasirə xəttini yarmağa və Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq olmayacaqdır, çünki Məlik Müəyyəd artıq Xorasandan qoşun və zəxirə göndərməkdən boyun qaçırmaqdadır. Artıq onlar İraq ilə düşmənçiliyin davam etdirilməsindən bir mənfəət gözləmirlər. Buna görə də məktub göndərib Bəhram şahın sülh əqidəsi üçün zəminə hazırlanmasını məsləhət görürlər. Bəhram şah bu ağır vəziyyətdən qurtarmaq üçün hər gün Kirman əyanlarından bir neçəsini həbsə alaraq, Atabəylə əlaqədə töhmətləndirib məhv edir. Altı aydan bəridir ki, Bərdəsirin mühasirəsi davam edir, əsgərlər aclıqdan tələf olmaqdadırlar. Orduda şiddətli pozğunluq başlamış, hər gün qaçqınların sayı artır. Əsgərlərin başçıları belə qala divarlarından atılıb qaçmaqdan başqa bir iş görmürlər. Mən dünən bu barədə də Bəhram şaha nəsihət verib dedim ki: “İraq ordusuna dünyanın yolları açıqdır. Biz bir qiyə buğdanı min hiylə ilə ələ keçirdiyimiz halda onların payız və qış ərzaqları anbarda hazırdır. Onlar bu hazırlıqla altı aydan bəri davam etdirdikləri mühasirəni yarımçıq buraxmayacaqlar. İraqdan azuqə və heyvan gətirib ordunu təmin etmək lazım gəlsə belə, onlar bunu edəcəklər. Hələ Eldəniz övladının tülkünü araba ilə tuta biləcək qədər səbr və mətanətə malik olduqları da məlumdur. Kirman məmləkətinin iki hökmdarı bəsləyəcək qədər vüsəti vardır. Əlində qüdrət olduğu zaman sən qalib gəlmişdin. Madam ki, bu gün məğlubsan, boş yerə qan tökməyin nə mənası vardır?”. Bəhram şah bu nəsihətləri qəbul etdi, sülh və mütarikə hazırlıqları gedir. Buna görə də Azərbaycan məsələsini əvvəlki halında saxlamaq lazımdır. Çünki onlar yaxın bir zamanda üzlərini Azərbaycana çevirəcəklər. Qaraquş, Kirman”. Toxtamış məktubu oxuyub qurtardıqdan sonra Əmir İnanca müraciətlə: – Vəziyyət bu halda ikən biz başqa bir çarə düşünməliyik, – dedikdə Əmir: – Köçüb getməkdən başqa çarəmiz yoxdur, – dedi. Toxtamış isə cavabında: – Qaçmaq çarəsizlik deməkdir, – dedi. – Birinci növbədə xəlifədən kömək gözləmək fikrini xalq arasında yaymaq lazım deyil. Xalq xəlifə adını eşitmək belə istəmir. Belə bir şayiəni yaymağın özü də gülüncdür. Çünki xəlifənin bir şəhərin hakimi qədər nüfuza malik olmadığını hər kəs bilir. Siz özünüz ərəb deyilsiniz, buna görə də hazırda ərəblərə yox, yerli xalqın azadlıq arzularına istinad edə bilərsiniz. Ziyalıları, iş bilənləri ələ almaq lazımdır. Bu gündən etibarən ərəb nüfuzu məsələsini yox, Şimali Azərbaycan istiqlalı məsələsini aralığa atmalısınız. Bu barədə biz Şirvan şahı Əbülmüzəffərin təcrübəsindən istifadə etməliyik. Onlar Azərbaycan istiqlaliyyəti şüarları altında Aran ölkəsini Şirvana ilhaq etməyə çalışırlar. Əbül-Üla və başqa şairlər əbəs yerə Şirvan saraylarına dəvət edilməmişlərdi. Onlar bu fikri həyata keçirmək üçün minlərcə dinar sərf edirlər. Həqayiq təxəllüslü şairə xaqan əbəs yerə öz ləqəbini əta buyurub, Xaqani adlandırmamışdır. Əmir onu bilməlidir ki, Şirvan xaqanı hər bir şairi öz tərəfinə çəkdiyi zaman, onun oxucularını da öz tərəfinə cəlb edir. Amma biz... Toxtamış sözünü yarımçıq qoyduğu üçün Əmir ona sual verdi: – Necə yəni, amma biz?! – Biz isə bu cür nazik nöqtələri nəzərə almırıq. Hətta biz bunun əksinə hərəkət edirik. Biz şairləri və iş bilən adamları özümüzdən uzaqlaşdırırıq. Məhsəti xanımı rüsvay etdik, sürgünə göndərdik. Bununla bütün Azərbaycan xalqının nifrətini qazandıq. Bundan başqa Əmirin özü də gənc şair Nizamini təqib edir. Nə üçün? Çünki qızınız ona məktub göndərmişdir. O ki məktubun cavabını göndərməmiş, o ki sizin ailəni təhqir etməmişdir. Götürün tarixi oxuyun. Siyasətçilər bu cür qurbanları azmı vermişdir? Siz yaxşı düşünün. Bir zaman səlcuqilərdən Toğrulbəy lazım olduğu zaman, qardaşı Davudun qızı Arslan xatunu Qaim Biəmrullah xəlifəyə verdi. Yenə lazım gəldiyi vaxt özü altmış beş yaşında ikən xəlifə Qaim Biəmrullahın on üç yaşlı qızı Seyidəyə evləndi. Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. Siz götürün səlcuqilərin tarixini oxuyun, Alp Arslanın vəziri Nizamülmülkün yazdığı “Siyasətnamə”yə baxıb siyasət öyrənin. Alp Arslan Abxaz və Azərbaycanı əldə saxlamaq üçün Abxaz hökmdarı Baqration Georginin qızı ilə evləndi, məmləkətin qərb hüdudlarını möhkəm etmək məqsədilə Rum imperatorunun qızını aldı. Xarəzm və Orta Asiyanı əlində saxlamaq məqsədilə Səmərqənd xaqanının qızı ilə izdivac etdi. Alp Arslan, eyni zamanda, Bağdad xəlifəsini əlində saxlamaq məqsədi ilə öz doğma qızını hazırda Bağdad məscidlərinin qapısında durub dilənçilik edən və “Kor olmuş xəlifənizə ehsan edin!” – deməkdə olan bir xəlifəyə verməmişdimi?! Toxtamışın bu sözündən sonra Əmir İnanc ona tərs-tərs baxaraq acıqlandı və sual verdi: – Sənin fikrincə, mən də öz qızımı Toğrul bəylər və Alp Arslanlar kimi hər yetənin qucağına atmalıyam? Toxtamış Əmir İnancın acıqlanmasını nəzərə almayaraq sözünə davam etdi: – Əcəba, xəlifə Müstərşidbillah öz qızı Safiyə xatunu sizə verməklə Aran və Şimali Azərbaycanın mühüm bir hissəsini nüfuzu altına keçirmədimi? Sizin namus adlandırdığınız şey – çürük bir kəlmədir. O sözlər siyasətdə işlənən kəlmələrdən deyildir. Bir qızın buna yox, başqasına verilməsi, yaxud bir zənginin əlindən alınıb yoxsula verilməsi işində heç bir namussuzluq yoxdur. Heç bir ata öz qızı ilə evlənmir, qız gec-tez birisinin qucağına düşməlidir. İstər sən özün ver, istərsə özü getsin, bunda heç bir fərq yoxdur. Bir ölkənin müqəddəratı bir nəfərin, beş nəfərin namussuzluğu ilə də hesablaşmaz. Əmir bilməlidir ki, bu cür namuslu olmaqda namussuzluğun da iştirakı vardır. Məğlubiyyətin və bir ölkəni uduzmağın həqarəti bir qızı uduzmağın həqarətindən min qat ağırdır. Mən siyasi adamlara qısqanclığı məsləhət görmürəm. Zaman olduqca nazikdir. O hər kəsdən incəlik və həssaslıq tələb edir. Doğrudan da dünyada namus kəlməsi qiymətli bir şeydirsə, qalib olmaq üçün onda da güzəştə getmək lazımdır. Hökmdar olan zat xalqın ruhunu öyrənməlidir. Toxtamış sözünü bitirdi. Əmir İnanc başını dərin fikirlərin pəncəsindən alaraq üzünü Toxtamışa tərəf çevirib dedi: – Doğrudur, qoca vəzir, doğrudur! Toxtamış, Əmir İnancın cavabından şadlanaraq dedi: – İndi ki dediklərimi təsdiq edirsiniz, qızınızın gənc şairlə başladığı əlaqəyə qarşı tövrünüzü dəyişməlisiniz. Bu iş Əmirin şərəfinə toxunsa belə, ümumi siyasətimizə toxunmur, biləks Əmirin mövqeyinin möhkəmlənməsinə səbəb olur. Əmir yenə də ümidsiz bir tövr alaraq: – Əcəba, bununla biz hazırkı vəziyyətin içindən çıxa biləcəyikmi?! – dedi. – Başqa tədbirlər də vardır. Bizim ikimiz də ərəb deyilik. Tək səninlə mən xəlifənin nüfuzunu bərpa edə bilməyəcəyik. Xəlifə öz işini bizdən daha yaxşı bilir. Xəlifələr artıq hökmdarlara əmr vermək əvəzinə, onların əmrini gözləyirlər. Onların ağaca bağladılıb döyülməsini sənin qayınatan çox yaxşı bilir. Dünən xəlifə tərəfdarlığı ilə xoşbəxt hesab edilənlər bugünkü dünyanın ən bədbəxt adamlarıdır. Artıq avam xalqı xəlifənin müqəddəslik şüarilə tələyə salmağın vaxtı keçibdir. Bizim şəxsi təşəbbüslərimiz lazımdır. Siyasətin vəzifəsi aldatmaq, avamın vəzifəsi aldanmaqdır. Sabahdan etibarən Gəncə ziyalılarını, Gəncə əyanlarını çağırıb Azərbaycan istiqlaliyyəti məsələsini müzakirə etmək lazımdır. Katib Mühakim ibn-Davudun barəsindəki dedi-qodulara nəhayət vermək lazımdır. Onun ərəb olduğu üçün məsul vəzifədən qovulmasına xalqı inandırmaq lazımdır. Şirvan xaqanının Aranı Şirvana ilhaq etməsinə qarşı mübarizə aparmaq lazımdır. Mübarizə ancaq təbliğat şəklində aparılmalıdır. Qızınızın gənc şairlə olan əlaqəsinin sıxlaşması üçün təşəbbüsdə olmalısınız. Fəxrəddinlə Dilşadın əlaqəsinə də soyuqqanlı baxmalısınız. Başqa işləri isə qoca vəzirə tapşırın. Mən Şimali Azərbaycanı sizin əlinizdə mərkəzləşdirməyə söz verirəm. Əmir İnanc qoca vəzirin bütün dediklərinə razılıq verdi. Müşavirə çağırılmasını qərara aldılar. * * * Tovuz salonu Tovuz salonunun fövqəladə bir surətdə bəzənməsi çağırılmış müşavirəyə verilən diqqətin fövqəladəliyini göstərirdi. Fövqəladəlik hər bir şeydə özünü göstərirdi. Cariyələrin libasında, qulamların baş örtüklərində, şərbətlərdə, saqilərin və xidmətçilərin geyimlərində bu fövqəladəlik gözə çarpırdı. Əmir salona daxil olduğu zaman, vaxt ikən hazırlanmış əyanlar dərhal ayağa qalxıb təzim etdilər. Buna görə də müxalifətçilər əksəriyyət təşkil edə bilmədiklərindən əksəriyyətə qoşulmaq məcburiyyətində qalaraq, Əmirin ayağına qalxdılar. Əmir kürsünün üstündə oturub qısa bir xütbə oxudu. Xütbəsində xəlifənin adını çəkmədi. Bu hadisə məsələnin iç üzündən xəbəri olmayanlar və avamlar üçün şadlığa səbəb oldu, onlar Əmirin ömr və dövlətinə dualar yağdırmağa başladılar. Əmir məclisin ruhunu əlinə alaraq sözə başladı: – İndiyə qədər Azərbaycan xalqı uca olan Allahın mərhəmətini bilavasitə, yəni xəlifeyi-ruyi-zəminin vasitəsilə alırdı. Lakin bundan sonra azərbaycanlılar bu mərhəməti bilavasitə əldə edə biləcəklər. Bundan sonra azərbaycanlılar xəlifənin himayəsində deyil, bilavasitə xudavəndi-aləmin himayəsində yaşayacaqlar, çünki əhali artıq öz azadlığını əlinə almaq səlahiyyətini qazanmışdır. Buna görə də biz bir neçə həftədir ki, bu məsələ ilə dərindən məşğul olmaqdayıq, işçilərin bəzilərini yerli xalqdan olmadıqları üçün məsul işlərdən xaric etmişik. O cümlədən hökumətin möhürdarı Mühakim ibn-Davud, Rəbiət ibn-Qanim və Sadiq ibn-Hənbəl, Cabir ibn-Əta və sairləri işdən götürülmüşdür. Onların Azərbaycandan çıxıb getmələrinə əmr sadir etmişəm. Salonda yenə də böyük bir şadlıq başlandı. Avamların cərgəsindən: “Əmirin ömrü, dövlət və şövkəti artıq olsun!” səsləri salonun zinətli tavanlarına əks etməyə başladı. Əmir sözünü davam etdirdi: – İndi biz gələcəyi düzəltməklə məşğul olduğumuz bir zamanda, keçmiş səhvlərin də islahına çalışmalıyıq. Gəncə xətibi və onun müridləri tərəfindən təhqir edilmiş böyük şairəmiz Məhsəti xanımı Azərbaycana qaytarmaq üçün Bəlx şəhərinə dörd nəfərdən ibarət bir heyət göndərmişəm. Şairənin düşməni Gəncə xətibini də Gəncədən sürgün etdim, müridlərin bir çoxu həbsə alınmış, digərləri qaçıb gizlənmişdir. Başlıca olaraq Aran ziyalısı və Aran əyanları əcnəbi müdaxiləsinə imkan verməmək üçün hökumətin təşəbbüslərinə qoşulmalı və xalqa öz düşmənlərini tanıtmalıdırlar. Mənə belə gəlir ki, biz öz məmləkətimizi qonşularımızdan daha yaxşı idarə edə bilərik. Əmir salondakıların “Yaşasın Əmir, yaşasın azadlıq” səsləri altında kürsüdən düşüb getdi, Toxtamış vəzir isə salondakıların bəzilərini Əmirin xüsusi otağına dəvət etdi. * * * “Namus” Toxtamış bir çox təlaşdan sonra Əmir ilə Safiyə xatun arasında baş vermiş ixtilafı ləğv edə bilmişdi. Əmir Safiyə ilə Mühakimin əlaqə məsələsinə inansa da, belə çətin bir zamanda qadın və ailə məsələləri ilə məşğul olmaq istəməmişdi. Buna görə də Safiyə xatunla barışmış və necə olursa olsun, bu hadisəni unutmağa çalışmışdı. Əmir axşam yeməyindən sonra adəti üzrə yenə də öz ailəsi içərisində vaxt keçirirdi. O yenə də Qətibənin saçlarını tumarlayır, onun başından öpür və onu nazlandırırdı. O, əlini atıb kitabın arasından bir parça kağız götürdü, Qətibəyə göstərdi və soruşdu: – Gözəl qızım, sən şeiri və ədəbiyyatı sevirsənmi? – Mən yalnız başqalarının şeirini oxumaqla kifayətlənməyərək, özüm də şeir yazmağa həvəslənirəm. Bağdadda oxuduğum zaman iki şeyi çox sevirdim. Onlardan birisi fəlsəfə, ikincisi isə şeir və ədəbiyyat idi. Müəllimənin məni şeirlə məşğul olmaqdan çəkindirmək istəməsinə baxmayaraq, yenə də kitablarımın arası Məknunənin şeirləri ilə dolu olardı. Türfə xatunun şeirlərini məndən artıq sevən olmazdı. Nədənsə Azərbaycana qayıdandan sonra ərəbcə şeirlərə olan marağım tamamilə sönmüşdür. Əmir bir daha onun alnından öpərək dedi: – Çünki ərəbcə şeirlər sənin doğma dilində deyildir. Safiyə xatun buna etiraz edərək dedi: – Ərəb lisanı onun ana dilidir. Onun yerli dil və ədəbiyyatla heç bir əlaqəsi yoxdur. Dini kitabların ərəbcə olduğunu və Quranın göydən ərəbcə nazil olduğunu qeyd etmək lazımdır. Xüsusən, Yer üzünün xəlifəsi də ərəbdir. Əmir Safiyənin dediklərinə etiraz etmədi, çünki təzə ixtilaf çıxarmaq istəmirdi. Buna görə də söhbəti şeir üzərinə çevirib: – Son zamanlar yerli dildə gözəl şeirlər yazılır, xüsusən gənc şairlərin təbiət təsviri haqqındakı yazıları məni tamamilə heyrətə gətirmişdir. Eşit, gör nə qədər incə, nə qədər mozun, nə qədər səlis və bədii şeirlər yazırlar. Əmir bunu deyərək şeiri Dilşada verdi. Dilşad şeir oxumaqda saraydakı cariyələrin içərisində şöhrət qazanmışdı. Dilşad həvəslə ayağa qalxaraq şeiri oxudu: Fələyin geydi yaşıl don qocaman piri yenə, Gəncliyin şaxəsi rərq oldu yaşıl nur içinə. Bir təbəssümlə gülün çöhrəsi həngam bahar – Qızarar çıxsa tamaşasına gənclər, qocalar. Quşların eşq tərənnümləri başlar yenidən, Yeni bir eşq ilə baş qaldırar əbnayi-çəmən. Gənc, yaşıl şaxə düzər qırmızı yaqutu hava, Zümrüdün qəlbinə yüz inci saçar badisəba. Qırqovul pərləri reyhanlara vermiş yeni rəng, Bülbülün ləhn-pürahənginə bir bax nə qəşəng. Dindirən bülbülü insan gülünün çöhrəsidir, O həzin nalə xəzandidə turacın səsidir. Dilşad şeiri oxuduqdan sonra əzbərləmək üçün özündə saxladı. Qətibə isə: – Nə qədər mödzun və oynaq bir şeirdir! – dedi və əlini atıb bir parça kağız çıxartdı. – Məndə daha yüksək məzmunlu bir şeir vardır, – dedi və şeiri Dilşada uzatdı. Dilşad Əmirə müraciətlə: – Əmir həzrətləri, oxunmasına icazə verərmisiniz? – Oxu, mənim kədərlərimi ancaq şeir və musiqi unutdura bilər. Dilşad yenə də ayağa qalxıb şeiri oxudu: Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə bəxtim var, Məhəbbət mülkünün soltanıyam öz tacü-təxtim var. Cahanın, yummuşam göz sərvətindən, xələtindən mən, Fəqirəm, feyz alır yüzlərcə hatəm şer süfrəmdən. Bulanmaz xatirim, dərya qədər fikrimdə yekrəngəm, Mən ölçülməz mühitəm, öz mühitimdə həmahəngəm, Nə dərdim! İncilərdən incədir hər beytim, hər fərdim, Qəzəlxan bülbüləm, hər bağçadan bir türfə gül dərdim. Alar sərmayə şairlər tükənməz söz xəzinəmdən, Bir əflakəm, düşər bir gün günəş dünyaya sinəmdən. Dənizlər yerləşir sinəmdə sönməz bir təlatüm var, Mənim öz sənətim, öz sərvətim, öz kainatım var. Əmir bütün fikrini səfərbərliyə alaraq Dilşadın ağzına baxırdı. O, şeir oxunub bitdikdən bir neçə dəqiqə sonra, şeirdən bir misra təkrar edərək: “Məhəbbət mülkünün soltanıyam öz tacü-təxtim var” – dedi və: – kimin şeiridir? – deyə Qətibəyə müraciət etdi. Qətibə sakit oldu, cavab vermədi, utandı, rəngi qızardı və başını aşağı salıb dizi üstə qoymuş olduğu əllərinə baxmağa başladı. Əmir İnanc şeirlə maraqlandı. O, bu şeirin Nizami tərəfindən yazıldığını yəqin etdi, çünki yerli şairlər cərgəsində xələt və sərvətə boyun əyməyən bir adam varsa o da ancaq gənc şair Nizami idi. Buna görə də Qətibənin saçlarını oxşayaraq soruşdu: – Gözəl qızım, bu şeir kimin şeiridir? Qətibə qara gözlərini qorxu ilə Əmirə tərəf çevirib soruşdu: – Şeirin sahibini desəm acıqlanmazsan ki? Əmir təəccüblə sual verdi: – Əcəba, sən məni bu qədər də mədəniyyətsizmi bildin?! – Xeyr! Ancaq mənim şairlə tanış olmağım bəlkə də sənin xoşuna gəlmədi. – Mən çox şadam ki, qızım məmləkətin şair və ədibləri ilə tanış olur. Bu mənim müqəddəs arzularıma müvafiqdir. Qətibə bu sözü Əmirdən eşidəndən sonra: – Bu şeir Nizaminin şeiridir, – dedi. – Lakin əvvəlki şeirin kimin tərəfindən yazıldığını bilmədim. Atam mənə onu deyə bilməzmi? – Əvvəlki şeir də Nizami tərəfindən yazılmıdır. Mən öz qızımı təbrik edirəm. Sənin şairlə olan tanışlığın tarixi bir qələbə qədər əhəmiyyətlidir. Bu tanışlığı davam etdirməyi bir daha sənə tapşırıram. Safiyə xanım indiyə qədər sakit oturmuşdu. Söhbət bu yerə çatdığı zaman başını qaldırıb acıqlı-acıqlı Əmirə baxdı və dedi: – Çox rica edirəm ki, qızıma bu cür məsləhətlər verməyəsən. Heç zaman qızımın eşq-məhəbbət düşkünlərinə qoşulub şeirbazlıq etməsinə yol verə bilmərəm. Əmir nəsihətverici bir vəziyyət alaraq dedi: – Siyasət bunu tələb edir. – Namusu siyasətə çəpər etmək doğru fikir deyil. – Ailənin xoşbəxtliyi bundadır. – Xoşbəxtliyi namussuzluq üzərində qurmağın özü bir bədbəxtlikdir. Sənin çürük fikirlərin ailəmizdə təzə bir bədbəxtliyin yaranmasına səbəb olacaqdır. Xəlifə nəvəsinin meşələrdə şeir oxuyanlara qoşulmasına imkan verən bir adam, namus və şərəfin qədrini nə biləcəkdir?! Sərapərdələrdə oturub namusla yaşamayan bir qızı hansı bir kübar ailənin içərisinə buraxarlar? Əmir Safiyə xatunun bu sözlərinə qəhqəhə ilə güldü: – Avam qadın, sən namus sözünü tamamilə başqa mənada işlədirsən. Namus heç bir zaman qadınların şəxsiyyətində işlənməmişdir. Namus və kübarlıq heç bir vaxt sərapərdələrdə doğmamışdır. Əsil namus siyasət səhnəsində doğulur. Siyasətdə uduzanlar, namus da daxil olmaq şərtilə, bütün varlığını itirmiş olurlar. Hazırda oynadığımız qumarın bir üzündə namus, o biri üzündə isə qələbədir. Namus qələbədən asılıdır. Qələbəni uduzduğun zaman namusu da uduzursan. Mənim qadınım bilməlidir ki, namussuzluq sözü dünyada yoxdur. Həyatın hər bir şəklində zühur edən məğlubiyyət – namussuzluqdur. Məğlub olanların sərapərdələrdə oturan, xalqa görünməyən və zəmanə afəti sayılan gözəl qızlarının, örtülü bir xəzinə deyil də, biləks xalqa görünməkdən utanan bir eybəcərdən daha iyrənc olacaqlarını bilməlisən. Mənim gözəl qadınım yenə də bilməlidir ki, qələbənin günəşdən yüz qat artıq olan şəfəqləri o qədər göz qamaşdırıcıdır ki, qaliblərin ailəsində olan namussuzluqları görmək üçün heç bir gözə imkan verməz. İndi mənim fikrimi anladınmı? Safiyə başını qaldıraraq: –Bəli, anladım, – dedi, – namusun nədən ibarət olduğunu bildim. Əmir Dilşadı yanına çağırıb əlini onun saçlarına çəkdi və: – Sən də mənim ailəmi bir qəhrəmanla başladığın məhəbbətlə xoşbəxt etməlisən, – dedi. – Fəxrəddin ağıllı, kübar və məğlubedilməz bir qəhrəmandır. Hələlik onu öyrən. Bəxt elə bir şey deyil ki, birinci qədəmdə onu sınamaq mümkün olsun. Məhəbbət bir ağacın tumurcuğu kimidir. Onun çiçəklənməsi və meyvə şəklinə düşüb yetişməsi lazımdır. Bunu qızım Qətibəyə də, sənə də tapşırıram. Tanış olmaq ərə getmək deyil, tanışlıq sözü bir-birini öyrənmək deməkdir. * * * Baği-İrəm Bu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu. “Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər. Nizami, Fəxrəddinin şübhələrini dağıtmaq üçün onu bir tərəfə çəkərək yavaşdan dedi: – Bu ziyafət və bu istiqlaliyyət şənliklərinin hamısı bir oyun və bir siyasi əyləncədir. Azərbaycandan ərəblərin qovulması da bu əyləncənin müəyyən bir şöbəsidir. Xəlifə tərəfindən Gəncəyə göndərilmiş xətibin sürgün edilməsi də yalan və uydurmadır. Xətibə müəyyən xərclik verib, Kəbə ziyarətinə göndəriblər. Mühakim ibn-Davudun sürgün edilməsi də saray intriqalarından doğan bir hadisədir. Eyni zamanda, Əmirin oynadığı bu oyun öz mündərəcəsilə hazırkı zamanımız üçün əlverişlidir; çünki xalqın Şirvan şahlığına qoşulmaq fikirlərini ancaq bu yol ilə dağıtmaq mümkün idi. Bu oyun avam xalq üçün nə qədər inandırıcı olursa olsun yenə də savadsız və düşünülmədən düzələn bir macəradır. Çünki Azərbaycan istiqlaliyyətini avam Azərbaycan miqyasında həyata keçirmək lazımdır. Əmir İnanc bu macərası ilə həm aldadır, həm də adlanır. Burada bizim qazana biləcəyimiz bir şey varsa, o da Məhsəti xanımın Gəncəyə qayıda bilməsindən ibarətdir. Əmirin vəziri Toxtamış ziyafətə gələnlərə göz qoymuşdu. Onun təyin etdiyi və tapşırıq verdiyi müəyyən adamlar, dəstələrə bölünüb qonaqların içərisinə girir və onların fikirlərini öyrənirdilər. Toxtamış, Nizami və Fəxrəddinin heç bir dəstəyə qoşulmayaraq uzaq bir xiyabanda gəzdiklərini gördüyü zaman dərhal Hüsaməddini çağırıb tapşırıq verdi: – Əziz qonaqlara arkadaşlıq et. Onları əyləndir. Hüsaməddin, Nizamiyə və Fəxrəddinə sezdirməmək üçün dərhal Qərənfil xiyabanının bu biri tərəfində gəzməyə və qərənfillərdən dərib dəstə tutmağa başladı. O, Nizamiyə yanaşdığı zaman qərənfilləri uzadaraq dedi: – Gənc şairin qərənfil gülünə olan marağını eşitdiyim üçün bunları dərib təqdim etmək istədim. Nizami: – Təşəkkür edirəm, – dedi. – Mən daima qərənfil gülünü sevəcəyəm, qocalsam da bu sevgi qocalmayacaqdır, çünki qərənfil gülü daima gəncliyin qoxusunu verir. Hüsaməddin onlara qoşuldu, lakin heç bir şey öyrənə bilmədi, Nizami onun gəldiyini hiss edərkən, söhbətin mövzusunu dəyişmişdi. Ziyafətdə İran şairi Kəmaləddin də iştirak edirdi. O, yazdığı bir şeirində Əmirin ədalətini, səxavətini mədh etdiyi üçün ziyafətdə olanlar hamısı onun ətrafına yığılmışdı. Kəmaləddin öz şeirini bitirdikdən sonra Əmir Nizamiyə müraciət edərək dedi: – Mən gənc şairin şeirləri ilə hər bir kəsin şeirindən artıq maraqlanıram. Nizami təşəkkür edib dedi: – Bu qədər böyük bir ziyafətdə oxunacaq layiqli şeirim yoxdur. Xüsusən yaşlı və böyük şairlərin iştirak etdiyi bu məclisdə bizim şeir oxumağımız küstaxlıqdır. Qətibə və Dilşad pəncərənin qarşısından asılmış tənzif pərdənin dalında oturub Nizamini dinləmək istəyirdilər. Lakin Qətibə, Nizaminin belə bir ziyafətdə şeir oxuyacağına heç də inanmırdı. Ziyafətdə iştirak edənlər isə Nizamiyə müraciətlə: – Rica edirik! Bir şey oxuyun, – deyə təkrar edirdilər. Hətta Fəxrəddin də Nizaminin qulağına pıçıldayıb: – Mənim xatirim üçün bir şeir oxumalısan, – dedi. – Qoy sənin sükutuna qorxaqlıq və bir məğlubiyyət kimi məna verməsinlər. Əmirin özü də Nizaminin şeir oxumaqdan boyun qaçırdığını hiss edincə: – Mən şair deyiləm, lakin bu qədər gözəl bir baharı görüncə hər bir insan şair olmaq istəyir, şeir yazmağa, şeir oxumağa və şeir eşitməyə həvəslənir, – dedi. – Rica edirəm, ziyafətimizi zinətləndirin. Nizami ayağa qalxdı və hazırkı vəziyyətə dair bir şeir oxudu: Öylə bir aləmdəyəm, dinara dəyməz mərifət, Elm-ürfan əhlinə zindan kəsilmiş məmləkət. Bir zamandır kim qovulmuş səhnədən ərbab hal, Feyz alan yox şerimizdən hər tərəf bir qilü-qal. Məhv olub ülfət, bəşərdən əlhəzər söylər bəşər, Ruzigarı nabəkarın sülhü doğmuş şuri şər. Məmləkət beytülhəzəndir, qalmamış həmdərdlər, Hökmürandır hər tərəfdə bir yığın namərdlər. Möhtərəmlər düşdü qiymətdən, dənilər möhtərəm, Ehtirasındanmı yazsın qanlı xaqanın qələm?! Gül deyil yerlərdə, qandır, bir biyabandır çəmən Oğlu ölmüş bir qadın zülfündən oxşar yasəmən. Bülbülün fəryadı eşqindən deyildir, nalədir, Qanə dönmüş sinələrdir çöldə sanma lalədir. Min fəlakət var önündə hər müqəddəs niyyətin, Gülməmiş ruxsarı bir an madəri-hürriyyətin. Nizaminin şerindən alınan təsir ziyafətdə gözlənilməz bir vəziyyət yaratdı. Əmirin üsul-idarəsinə qarşı bir düşmən kimi hücum edən gənc şair öz böyüklüyünü və qorxmazlığını ziyafətdə olanların hamısına göstərdi. Nəhayət, Əmir özünə aldırmadan dedi: – Şairin dili öz xalqının iradəsidir. O, şerində məmləkətin və xalqın nə qədər ağır bir vəziyyət keçirdiyini qeyd etdi. Mənim özüm də həmin bu ziyafəti şairin göstərdiyi vəziyyətləri aradan qaldırmaq üçün təşkil etmişəm. Bütün nöqsanlar orasındadır ki, indiyə qədər xalq öz məmləkətini özü idarə edə bilməmişdir. Xalqın müqəddəratı başqalarının əlində olmuşdur. Zənn edirəm ki, azadlıq əldə edildikdən sonra yenə də biz Azərbaycanın gözəl təbiətindən istifadə edə biləcəyik. Artıq bizim bağlarımızın bülbülləri xalq matəmi dastanını yox, öz eşqnaməsini tərənnüm edəcəkdir. Qətibə də Nizaminin kəskin şerini eşitdikdən sonra Dilşadın qulağına yavaşdan dedi: – Qəhrəmandır, qorxmaz və cəsarətli bir gəncdir. Lakin təəssüf ki, o, atamın dostu deyil. Dilşad da Qətibənin qulağına bu sözləri pıçıldadı: – O qəhrəman olmasaydı, Gəncə qəhrəmanı onunla yaxın dost olmazdı. Ancaq bunu da qeyd etməlidir ki, o, sənin atanın düşməni deyil. Bunu demək üçün bir şeyə əsaslanmaq lazımdır. Qətibə cavab verdi: – Mənim əlimdə olan əsas bundan ibarətdir ki, o cür adamlar mənim atam kimi adamlarla dost ola bilməzlər. Əbül-Ülanın cariyəsi Səba xanım, Qətibənin Nizami barəsindəki sözlərini eşitdikdən sonra öz-özünə düşündü: “Mən bu yetim uşağın böyük bir şair olacağını bilsəydim, onun qətibələr kimi kübar ailə qızları tərəfindən seviləcəyini anlasaydım, onu çoxdan əlimə alaraq istifadə edə bilərdim. İndi də gec deyil. Madam ki, Qətibə onu sevir, məndən bacarıqlı bir vasitəçi tapa bilməyəcəkdir”. Səba xanım bunları dedikdən sonra Qətibəyə sual verdi: – Bu şairin oxuduğu şeirlər xoşuna gəldimi? Qətibə bu sualdan sonra Səba xanımın üzünə şübhəli nəzərlə baxaraq soruşdu: – Bu sualdan məqsədin nədir? Şerin mənim xoşuma gəlib-gəlməməsi sənin nəyinə lazımdır? Səba xanım özünü itirməyərək: – Elə-belə soruşurdum. Mən şairi çoxdan bəridir tanıyıram, – dedi. – Haradan tanıyırsan? – Bu hələ yetim bir uşaq olduğu zaman Əbül-Ülanın evinə gedib-gələrdi. Lakin bir hadisə nəticəsində oradan uzaqlaşdı. Qətibə maraqlandı və tez soruşdu: – Nə kimi hadisə? – Əbül-Üla bir qızını Xaqaniyə verəndən sonra kiçik qızı Mahtab xanımı da həmin bu şairə vermək istədi. Şair bu təklifdən boyun qaçırdığı üçün aralıqda inciklik çıxdı. Qətibə bu sözlərdən sonra: – Yaxşı da elədi ki, boyun qaçırdı. Mahtab xanım haranın qızıdır ki, bu cür qiymətli bir adama sahiblənə bilsin, – dedi. Səba xanım da cavabında: – Mənim də dediyim budur, – dedi. – Mən buna heç də razı deyildim. Bu cür adamın bir tükünü yüz nəfər Mahtab xanım kimi adamlara dəyişmərəm. Mən öz ağamın şairə qarşı bəslədiyi uyğunsuz münasibətini heç də nəzərə almayaraq, o gənclə əlaqəmi kəsməmişəm. Hətta onun ailə qurması işinə də kömək edəcəyəm. Qoy bundan ötrü ağam məni cəzalandırsın. Qətibə, Səba xanımın bu söhbətlərindən çox şirin ümidlər aldı və onun vasitəsilə Nizamini ələ almaq və məqsədə nail olmaq arzularına qapıldı. O, Səba xanıma yaxınlaşmaq üçün belə bir çarə düşündü və Səba xanıma dedi: – İndi ki, sən bu şərəfli insanla tanışlığı davam etdirmək istəyirsən, ağanın sənə cəza verməsi barəsində heç də düşünmə. Sənin mənim yanımda xidmət etməyə meylin olarsa, mən sabahın özündə səni Əbül-Ülanın ailəsindən çıxarıb öz yanıma gətirdərəm. Səba xanım gələcəkdə Qətibədən çox böyük mənfəətlər əldə edə biləcəyini yəqin etdi və Qətibəyə yalvararaq: – Ölüncə xanımın xidmətindən boyun qaçırmaram, – dedi. – Məni haman ailədən qurtarmaq, vicdan əzabından qurtarmaq deməkdir, çünki mən heç bir zaman bu möhtərəm şairi Mahtab xanımın eşqinə razı edə bilməyəcəyəm, onlarsa bunu məndən tələb edirlər. Qətibə, Səba xanımın son sözlərindən diksinərək soruşdu: – Yenədəmi onlar bu möhtərəm şairin yaxasını buraxmaq istəmirlər? – Rica edirəm, bunu heç kəs bilməsin. Onlar məni məhv edərlər. Onlar öz dəyərsiz qızlarını acı dərman kimi, bu sağlam gəncin boğazına tökmək istəyirlər. Qətibə bir kərə: – Hələ mən ölməmişəm! Mahtab xanım kimdir ki, mənim qabağımdan şikar aparsın?! Bir gün sonra sən mənim xidmətimdə olacaqsan. Nə iş görəcəyin barəsində sonra danışarıq. Söhbətlər burada bitdi, çünki İrəm bağçasında verilən ziyafət qurtarmışdı. Dilşad, Səba xanımın Qətibə ilə başladığı yaxın tanışlığına heç də razı deyildi. Çünki onun Gəncədə olan cariyələr arasında söz gəzdirdiyini bir neçə kərə eşitmişdi. Səba xanım Qətibədən ayrılıb getmək istədikdə Qətibə xanım ipək dəsmala bağlanmış yüz dinar qızılı onun əlinə tapşırdı. Bağ boşalmışdı, Əmir qoca vəzirin qolundan tutub bağda dolaşdığı zaman vəzir Nizaminin çıxışına işarə edərək: – Düşmən böyük düşməndir, – dedi. – Qorxmaz düşməndir. Ağıllı düşməndir. * * * Müşavirə Əmir İnancın Azərbaycan istiqlalı barəsində buraxdığı müraciətnaməni ifşa etmək və bu istiqlalın nədən ibarət olduğunu xalqa anlatmaq üçün geniş bir müşavirə təşkil edilmişdi. Müşavirədəki müxtəlif fikirlərdən birisi də Fəxrəddinin Aranın istiqlaliyyətini elan etmək barəsindəki təkliflərindən ibarət idi. O, Əmir İnanc tərəfindən buraxılan müraciətnamə məsələsinə keçərək dedi: – Bu müraciətnamə hər nə məqsədlə buraxılıbdırsa, onunla işim yoxdur. Lakin bu gün məmləkətdə istiqlaliyyət elan etməyin vaxtı yetişmişdir. Aran ölkəsi öz böyüklüyü etibarilə Şirvan şahlığından heç də kiçik deyil. Şirvanın genişlənməyə imkanı yoxdursa, bizim buna imkanımız vardır. Biz öz sərhədimizi Araz, Kür çayları sahillərinin o biri tərəfinə də keçirə bilərik. Zaman elə bir zamandır ki, fikrimizə manea törədə biləcək dövlətlərin də başı qarışıqdır. Biz sabahın özündə Əmir İnancın da qulağından tutub buradan xaric edə bilərik. Fəxrəddin uzun-uzadı danışdı, fikirləri müşavirədə iştirak edən avamlar və dünyagörüşü dar olanlar tərəfindən təqdir edildi, hər kəs bu istiqlaliyyət münasibətilə bir-birinin əlini sıxıb təbrik etdi. Lakin bu təbrik və bu alqışlara baxmayaraq Fəxrəddinin ortalığa atdığı fikirlər haqqında qərar təklif edən yox idi. Fəxrəddin çıxılmaz bir vəziyyətdə qalmışdı. Nəhayət, o, müşavirə otağını bir neçə dəfə o tərəf bu tərəfə dolaşandan sonra üzünü Nizamiyə tutub soruşdu: – İlyas, sən danışmayacaqsanmı? Nizami özünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarını qaldırdı, qəliz qaşlarını çataraq Fəxrəddinin üzünə baxdı və bir neçə saniyə sükutdan sonra dedi: – Mən sənə yüz kərə demişəm ki, insan öz şəxsinə aid məsələlərdə nə qədər ehtiyatsız olursa olsun, yenə də ümumi məsələlərin müzakirəsində ehtiyatla hərəkət etməlidir. Sənin təklif etdiyin istiqlaliyyət sözü elə bir sözdür ki, onu bir dəqiqənin içərisində elan etmək olar, lakin həyata keçirmək olmaz, çünki bunun üçün möhkəm bir təşkilatın on illərcə hazırlıq aparması lazımdır. Əvvəla, istiqlalı müdafiə üçün ölkənin rəqiblərinə qarşı mütəşəkkil və qüvvətli bir ordu lazımdır. Təzə bir hökumət təşkili üçün təcrübəli və siyasətşünas hökumət ərləri lazımdır. Sən Fəxrəddin, yaxşı bilirsən ki, hicrətin 541-ci illərindən başlayaraq Şərqi təzədən bölüşmək üçün qanlı müharibələr gedir. Bu bölgüdə iştirak üçün vaxt ikən hazırlamaq lazım idi. Hərgah Fəxrəddinlər xəlifənin nüfuzdan düşməsini əsas tutaraq istiqlaliyyət elan etmək istəyirlərsə, tamamilə yanılırlar. Xəlifənin itirdiyi nüfuzu başqaları əldə etmişdir. Şərqin təzədən bölüşdürülməsi mərəkəsində beş qüvvətli hökumət qan tökməkdədir. Bu hökumətlər yalnız Şərqi deyil, Şərqdə mövcud olan xəlifə nüfuzunu da aralığa qoyub təqsim edirlər. Bir tərəfdən Soltan Mahmud, Soltan Məsud ilə çarpışır. Xarəzm şahları Azərbaycan atabəyləri ilə Rey və İraq üstündə bir-birlərinin boğazını üzürlər. Misirdə fatimilər hökuməti süqut etmiş və onların yerində dəhşətli bir hökumət təşkil edən Əyyubilər, Fərat və Dəclə sahillərinə qədər axıb gəlməkdədirlər. Hazırda Şərqin təqsimində iştirak etmək üçün mübarizə aparmaqda olan beş hökumətin altıncısı olmaq lazım gəlir. Bizim əlimizdə belə bir imkan olsaydı, yalnız Aran istiqlaliyyətini deyil, ümumiyyətlə Şimali və Cənubi Azərbaycanın istiqlaliyyətini elan edərdik. Fəxrəddinin özü bilir ki, mən şairəm, siyasət xadimi deyiləm, lakin məsələ xalqın müqəddəratı üzərinə gəldikdə mən siyasi bir adam olmağı da bacararam. Biz, Fəxrəddinin göstərdiyi xətti-hərəkətlə irəli getsək, fars və ərəb cahangirlərinin keçmişdə və bundan sonra aparacaqları xətti-hərəkətə kömək vermiş olacağıq. Bir də xırda hökumətlər təşkil etmək, Azərbaycanı parçalamaq, gələcək üçün düşündüyümüz birliyi geriyə atmaq deməkdir. Bunsuz da xalqlarımız dinlərə, məzhəblərə, təriqətlərə ayrılmışdır. Bu kimi təfriqələr bir daha davam edərsə, düşmən hər parçanı bir bucaqda basıb yeyə bilər. Təbiidir ki, biz min illərdən bəri yüz yerə parçalanmış vahid insan qardaşlığını təşkil edə bilməyəcəyik. Çünki əsrlərin tarixi dəhşətləri insanları bir-birilə uyuşa biləcək vəziyyətdən tamamilə uzaqlaşdırmışdır. Bəlkə də gələcəyin böyük dahiləri insan və fikir birliyi məsələsini meydana atıb müvəffəqiyyət qazanacaqdır. Lakin hələlik bizdə o qüvvət, o əhatə və o qədər dərin təşkilatçılıq yoxdur. Bunun üçün biz özümüzdə bu acizliyi hiss edərkən, heç olmazsa Cənubi və Şimali azərbaycanlıların qardaşlığı məsələsini düzəltməyə başlayaq, çünki buna onların qomiyyəti də icazə verir. İçərimizdə ərəb və İran mədəniyyəti sözünü tez-tez təkrar edənlər öz millətinin, öz qomiyyətinin qədim mədəniyyət tarixini unudan adamlardır. Biz bu qəbil adamlara ya anlaqsız, yainki əcnəbi puluna satılan adamlar kimi baxırıq. Qabaqca üzümü Hacib ibn-Malikə tutub deyirəm, o öz çıxışında “bizə ərəblərlə əlbir işləmək lazımdır” – deyirdi. O bilməlidir ki, ərəblər hələ indi də azərbaycanlıların, daha açıq desək, Midiya xalqının qurduğu hökuməti qura bilməmişlər. Mən özüm də müsəlmanam, hətta həqiqi müsəlmanam, lakin bunu deməliyəm ki, ərəblər bizə yalnız din gətirdilər, mədəniyyət gətirmədilər. İran mədəniyyəti məsələsinə gəldikdə, onlar da hənuz Midiya mədəniyyətinin irsilə yaşamaqdadırlar. Əlbəttə, danışılan sözlərin və ortalığa atılan müxtəlif fikirlərin hamısına cavab verə bilmədim. Mən ancaq bunu demək istərdim ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birliyi düzəlmədən, bu iki məmləkətdə azadlıq arzusu etmək doğru deyildir. Buna görə də birinci növbədə, Azərbaycan xalqının təriqət-çıxışında “bizə ərəblərlə əlbir işləmək lazımdır. Mən onu yəqinliklə deyə bilərəm ki, Midiya dövlətinin dağılması səbəblərini axtarmış olsaq, yenə də onu əqidələrin və təriqətlərin törətdiyi ixtilaflarda tapa bilərik. Əvvəl iranlılar, sonra da ərəblər Azərbaycan xalqının birliyini pozmaq üçün cürbəcür təriqətlər yaratdılar. Hazırda təriqət mübarizələri ciddi bir şəkil almaqdadır. Bunun üçün də Cənubi və Şimali Azərbaycanı Əxi Fərrux Zəncaninin meydana atdığı qardaşlıq təriqəti ətrafına yığmalıyıq. Çünki bu təriqət dini bir təriqət deyildir. Heç olmasa bu təriqətdə birlik ünsürləri vardır. Bununla da biz Cənubun və Şimalın qardaşlıq əsasını qoya bilərik. Hazırda isə Əmir İnancın Şirvan şahlığına qarşı apardığı təbliğatda bitərəf qalmalıyıq, çünki bu məsələlərin hamısı bir neçə günlük ömrə malikdir. Sözlərimin bir çoxu Fəxrəddinə aiddir. Bir daha ona tapşırmalıyam ki, ehtiyatlı olmalıdır, biləks öz başını çox sadə bir məsələdən ötrü sındıra bilər. Bizə Aranda hökumət qurmaq lazım deyil, bir kərə bilmək lazımdır ki, böyük dövlətlərin arasında təşkil edilmiş kiçik dövlətlər müəyyən bir siyasətin nəticəsində yaradılır. Müşavirə Nizaminin fikirlərini təsdiq etsə də, Fəxrəddin yenə də öz fikrində qaldı. Nizami Əmir İnancın sarayının ətrafında gizlin gözətçilər qoymağı və onun xariclə olan əlaqəsini öyrənməyi təklif etdi. Bu təklifi bir səslə qəbul etdilər. Bu vəzifə Fəxrəddinə tapşırıldı. * * * Rəna İlyas, çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi, dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi, çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı. Şair, neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər. Keçmiş, İlyasın gözü qarşısında canlandı: Çaydan heyvanlı və heyvansızların hamısı keçmişdi. O tərəfdə yalnız gənc bir qız qalmışdı, o öz şeylərini çaydan keçirə bilmədiyindən əlacsız qalıb ağlayırdı. Qızın bu ağır vəziyyəti İlyasa toxundu, o dərhal çayın o biri sahilinə keçib qıza dedi: – Ağlama! Mən sənin şeylərini sudan keçirməyə gəlmişəm. Qız gözünü yaşını silərək İlyasa dedi: – Sizə zəhmət olmazmı?! – Burada heç bir zəhmət yoxdur. Həm də mən özüm də su ilə əylənməyi sevirəm. – Məncə, belə deyil, sizi bu zəhmətə öz mərhəmətiniz məcbur edir. Bilmirəm, siz hamının haqqındamı belə mərhəmətlisiniz? – Mərhəmətli olmaq hər kəs üçün lazımdır. Lakin bir çoxlarında mərhəmət yarada biləcək xüsusiyyətlər yoxdur. Qız, İlyasın nə dediyini anlamadı, onun üzünə sualverici nəzərlərlə baxdığı zaman, İlyas bunu dərhal hiss etdi və fikrini kəndli qıza izah edərək dedi: – İnsanlarda öz həmcinsi olan insanlara qarşı bir insanlıq əlaqəsi olmalıdır. İnsanlar bir-birini sevməlidirlər. Bunsuz yaşamaq olmaz. Həmcinsinə qarşı sevgi bəsləyənlər və insanların çətinliyə düşdüyünə qeydsiz baxa bilməyənlər, insanların ən yaxşısı və mərhəmətlisidir. Demək ki, mərhəməti yaradan şey, vicdan və insafdır. Kimdə vicdan, insaf və öz həmcinsinə qarşı sevgi varsa, o mərhəmətlidir. İlyas bu sözləri qızla bərabər çayı keçdiyi zaman deyirdi. Çayı keçdilər. Qız sahildə dayanıb ayaqqabılarını geydi, şeylərini götürüb getmək istərkən, İlyasa tərəf dönərək: – Siz burada tez-tezmi gəzirsiniz? İlyas: – Hava müsaid olduğu zaman hər axşam bu bağçalarda, bu meşələrdə gəzirəm, – dedi. Qız təəccüblə: – Əcəba, hər gün bu yerə gəlmək sizi yormurmu? – deyə soruşduqda, İlyas da: – Xeyr, gözəl qız yormur. Madam ki, mən bu yerə yorğunluğumu çıxarmaq və dincəlmək üçün gəlirəm, o zaman nə üçün də yorulum, – dedi. – Şəhərdə ağır işdəmi çalışırsınız? – Ağır işlərdə çalışmıram, lakin ağır iş insanı heç bir vaxt yormaz. İnsanı yoran başqa şeylərdir. – Siz onları mənə deyə bilməzsinizmi? – Nə üçün deyə bilmərəm? Lakin sən şəhərdə yaşamasan mənim deməyimlə haman yorucu şeyləri öyrənə bilməzsən. Gəl mən sənin şeylərinə kömək edim. Səni bazarın yaxınlığına qədər yola salım, bizim evimiz də o tərəfdədir. İlyas bu sözləri dedikdən sonra qızın bazara gətirdiyi şeyləri götürüb onunla bərabər yola düşdü. Qız yenə də yolda İlyasa sual verdi: – Siz şəhərdəki yorucu şeylər haqqında mənə danışmaq istəmirsinizmi? – Nə üçün istəmirəm? Şəhərin həyatı çox yorucudur. Şəxsi həyat üzərində qopan gurultular, yemək və qazanc üstündəki vuruşmalar, aldadanların şadlığı, aldananların göz yaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri, daha açığı əzilənlər və onlara gülənlərin acı və dəhşətli görünüşləri tamamilə məni yoran işlərdəndir. Buna görə də tez-tez bu tərəflərə gəlib qulaqlarıma, gözlərimə və fikrimə dinclik vermək istəyirəm. Gənc qız bu sözləri eşidəndən sonra İlyasa müraciət etdi: – Rica edirəm, dur bir az dincini al, yoruldun, bu ağır şeyləri daşımaq buna adət etməyən şəhər gəncləri üçün çətindir. Biz kəndliyik, ağırlığa öyrənmişik. İlyas yenə də fikirli başına hərəkət verərək dedi: – Doğrudur. Şəhərin daşıdığı ağırlıq başqa, kəndin daşıdığı ağırlıq isə bir başqadır. Bunların arasında böyük bir fərq vardır. Şəhərin daşıdığı ağırlıqların bir çoxu hissedilməz və ölçülməz ağırlıqlardır. Bu barədə danışmaq lazım olsa, sən bazara yubanarsan. Qız yenə də sual verdi: – Siz sabah burada olacaqsınızmı? – Olacağam. Hər gün olacağam! – Mən də sabah gələcəyəm. – Gəl, yenə də sənə kömək etməyə hazıram. – Mənim adım Rənadır. Kəndimiz buraya çox yaxındır. Xanəgah kəndindənəm. Bəs sizin adınız nədir? – Mənim adım İlyasdır. Qız əlini İlyasa uzadıb vidalaşmaq istərkən, İlyas diksindi və keçmişin şirin və nəşəli xatirələrindən ayrıldı. Bir daha çaya baxdı. O tərəflərdən, ta uzaqlardan belə gələn yox idi. İlyas bir daha qəlbində: – O bu gün də gəlmədi, – dedi, – əcəba, onun gəlməməsinə səbəb nədir? Xanəgah kəndindən bura qədər olan beş addım yolu gəlmək çətin idimi? O ki son günlər görüşdüyümüz zaman xəstə deyildi. Onun məndən çəkilib getməsinin başqa bir səbəbi olmalıdır. Mən onu heç bir zaman öz sevgimə bağlamaq üçün məcbur etməmişdim, hələ mən görüş yerinə bir az gec gələndə o şikayətlənirdi. İndi necə oldu ki, üç gündən bəri mənim tərəfimə üz çevirmir?! Mən onun bu qədər laqeyd bir qız olduğuna inana bilmirəm. Hər halda bu işi təhqiq etməliyəm. Ata-anası çox qocadır. Bəlkə də onlara bir bədbəxtlik üz vermişdir, elə isə, nə üçün mən özüm onu arayıb axtarmıram? Bəlkə də qızın ata-anası onun tez-tez görüşə gəlməsinə mane olur? Lakin buna da inana bilmirəm, çünki onlar mənimlə Rənanın arasında başlanmış sevgidən şadlanırlar, onlar daima məni gördükləri zaman “indi bizim oğlumuz da var” deyə sevinirdilər. Bəs necə oldu ki, Rəna mənim görüşümdən ayaq çəkdi? Mənim ona laqeyd deməyə haqqı yoxdur, çünki mənim özüm də laqeydəm. Onlar köməksiz bir ailədir. Oğulları yox, işləyə bilən ailə üzvləri də yoxdur. Ailənin bütün ağırlığı və təsərrüfat işlərini sahmana salmaq vəzifəsinin hamısı tək bir qızın öhdəsindədir. İlyas Xanəgah kəndlilərindən bir nəfər taparaq Əhməd kişinin ailəsindən xəbər tutmaq istədi, odur ki, düz-doğru qəbiristanın yanına gəldi. Xanəgah kəndinə gedənlərin ancaq buradan keçib getdiklərini bilirdi. İlyas anasının qəbri üzərində də bir az oturdu və qəbir daşını gördüyü zaman anasının ölərkən verdiyi vəsiyyətləri xatırladı. Sanki anası onu qolları arasına alaraq: – Səni sevməyən qız dünyanın gözəli olsa da onunla evlənmə, oğlum! – deyirdi. İlyas ağladı, gözünün yaşından bir neçə qətrə də qəbrin daşına düşdü. Qəmli bir halda qəbrin üzərindən qalxdı, qəbiristandan çıxıb Xanəgah kəndinə doğru yol elədi. O yenə də keçmişlərin xatirəsilə əylənir, ağır addımlarla yol gedir və Rənaya yazdığı şeirləri əzbərləyirdi: Nədir bu qəmli baxış səndə, sevgilim Rəna, Dodaqlarında duran bir sükuti-pür məna! Nədən qəriqi kədərdir üzarü pürxəndən? Xəzanmı hiss elədin, ey nəcib gül, məndən? İlyas bu misraları təkrar edə-edə getdiyi zaman birdən-birə qızların qəhqəhə səslərini eşitdi, diksinib dayandı, başını qaldırıb baxdıqda özünü Xanəgah kəndinin altındakı bulağın başında gördü. Bulaqdan səhəngini doldurub qayıdan, su aparmağa gələn, inəyini çöldən gətirən qız və qadınlar tez-tez İlyasın yanından gəlib keçirdi. Axşam idi, üfüqlər küsən bir qızın baxışı qədər tutqun idi. Artıq gəlib-gedənləri seçmək, tanımaq olmurdu. İlyas bir qədər söyüd ağacına söykənib durandan sonra yenə öz-özünə dedi: – Burada durmağın nə mənası vardır?! O məni görməkdən xoşlansaydı, gəlib məni tapardı. Mənim bura gəlməyimin nə əhəmiyyəti var idi? İlyas bu düşüncələrin içərisində söyüd ağacından ayrıldı və üzünü şəhərə tərəf çevirdi. Bu zaman bir qız da inəyini qabağına qatıb evə aparırdı. Onun bütün boy-buxunu, yerişi, görünüşü Rənaya bənzəyirdi. İlyas dərhal dayandı, o artıq əvvəlki fikrindən daşındı, qıza bir daha diqqətlə baxdı, qızın başındakı ağ ipək kəlağayı axşam qaranlığına baxmayaraq onun Rəna olduğunu söyləyirdi. Buna görə qeyri-ixtiyari olaraq İlyasın ağzından bu sözlər çıxdı: – Odur, Rənadır! Özüdür! İlyas bu sözləri dedi, amma onu səsləməyə cəsarət etmədi. Lakin təxir etmək də yaramazdı: qız uzaqlaşır və axşam qaranlığının içərisində itirdi. Yenə də onun adını çəkməyə cəsarət etmədi və yavaşdan səslədi: – Sənsənmi?! Qız dərhal dayandı, bir neçə saniyə səs gələn tərəfə baxdı və sonra etinasız bir surətdə cavab verdi: – Bəli, mənəm! Nə işin var idi? Bu səs İlyasın qulaqlarına yol tapmadan bütün varlığına və qanına girdi. Qız duran tərəfə irəlilədi, ona yaxınlaşdı, diqqətlə baxdı. Tanıdı, o, Rəna idi, lakin bir neçə gün bundan əvvəl gördüyü Rənaya bənzəmirdi. Əvvəllər onu görürkən boynuna sarılan, başını sinəsinə söykəyib nazlanan, əllərini əlinə alan Rəna deyildi. O sanki heç tanımadığı bir adamın qarşısında durub cavab gözləyirdi. Bir neçə dəqiqə heç birisi danışmadı, nəhayət, Rəna inəyin uzaqlaşdığını görüncə İlyasa sual verdi: – De görüm, sənin bu tərəflərdə nəyin qalmışdır? – Özün fikir elə, Rəna, mənim qəlbimin burada qaldığını bilmirsənmi? Bunu bir daha soruşmağa nə lüzum vardır? – Mən heç bir şey bilmirəm, bilmək də istəmirəm. – Sən məni bu uzun müddətdə tanıya bilmədinmi? Məni öyrənə bilmədinmi? – Kişiləri öyrəndim deyən qızlar ancaq özlərinin aldandığını öyrənmiş olurlar. – Sən bu cür sözləri bir tərəfdə qoy qalsın. Zənnimcə, bu cür sözləri danışmağın vaxtı keçibdir. Görünür ki, mənim xəbərim olmadan bir hadisə üz vermişdir, yaxud bir söz eşidibsən, eləmi? Rəna çox saymaz bir halda: – Hamının eşidib bildiyi bir şeyi mənim eşitməyə haqqım yoxdurmu? – Hamının bildiyi və eşitdiyi bir çox sözlər vardır ki, onlara inanmaq məcburi deyildir. Sən bizim ikimizə aid olan sözləri ancaq məndən eşit. Bizim gələcəyimiz haqqındakı hər bir məsələni ancaq ikimiz həll edə bilərik. İndi mən bildim ki, neçə gündən bəri məndən üz çevirməyinin səbəbi nədir. – Hərgah sənin öz yaxın adamların bir həqiqəti mənə söyləmiş olursa nə deyərsən? İnanmağa haqqım var, ya yox? – Rəna, nə üçün belə düşünürsən? Mənim bu məmləkətdə sizdən başqa kimim vardır? Əcəba, mənim kimliyim sənə və atana məlum deyildirmi? Mən heç də sənin aralıq sözlərinə etibar edəcəyinə inanmırdım. Hərgah sən hər yetənin sözünə qulaq assan, o zaman mən tək qalmağa məcbur olacağam. – İndi artıq sən tək deyilsən, sən daima Əmirin sarayında ziyafətlər və işrətlərdə vaxtını keçirməkdəsən. İlyas öz sözlərini deyib bitirə bilmədi, onlar artıq Rənanın qapısına yetişmişdilər. Buna görə də İlyas əlini Rənaya tərəf uzadaraq: – Elə isə salamat qal! – dedi. Rəna da onun əlini tutub: – Sən də salamat qal, – dedi, lakin onun əlini buraxmadı. Onlar durub bir-birinə baxırdılar. İlyas evə girmək istəmirdi. Çünki Rənanın ata-anasından utanırdı. İnək qapıya yetişərkən öz balasını xəbərdar etmək üçün mələdi. Rənanın anası inəyi qarşılamaq üçün dərhal evdən dışarı çıxdı və Rəna ilə İlyasın durub bir-birinə baxdıqlarını gördü. Qadın İlyası görürkən təəccüb etdi, çünki bu birinci dəfə idi ki, İlyas axşam vaxtı Xanəgah kəndinə gəlmişdi. İlyas Rənanın anasını görürkən: – Salam! – deyib durdu. Qadın isə: – Əleykəssalam, küçədə nə üçün durmusan, gəl içəri, Əhməd də səni görmək istəyir, – dedi. İlyas fikirli-fikirli addımlayıb darvazadan həyətə girdi. Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. İlyas, Əhməd kişinin onu görmək istəməsində əhəmiyyətli və ciddi bir məsələ olduğunu anladı. Şübhəsizdi ki, Əhməd kişi də qızı Rəna dediyi sözləri deyəcəkdi. İlyas içəri girdiyi zaman Əhməd kişi namaz üstündə idi, buna görə də İlyas salam verməyərək ayaq üstündə durub Əhməd kişinin namazdan qurtarmasını gözlədi. Əhməd kişi şam namazını bitirdi, İlyas salam verdi, qoca onun salamını alandan sonra, yanında yer göstərib: – Oğlum, gəl otur, xoş gəlib, səfa gətirmisən, – dedi. İlyas da razılıq etdi, başını aşağı salıb oturdu. Əhməd kişi sanki mühüm bir məsələ üzərində düşünürdü, tez-tez əllərini bir-birinə sürtür, ara-sıra əlini saqqalına və başının təpəsinə çəkir və əsəbiləşməmək üçün tez-tez “sübhanallah” kəlməsini təkrar edirdi. Nəhayət, İlyasın üzünə baxaraq başına hərəkət verməklə sözə başladı: – Oğlum, İlyas, mən elə düşünürdüm ki, qoca vaxtımda iki xoşbəxtliyi birdən qazanacağam: sən də kimsəsiz bir oğlansan, bizim də oğul övladımız yoxdur, var-yox tək bir qızımız vardır. Sevinirdik, düşünürdük ki, yurdumuz boş qalmayacaqdır. Sən də xoşbəxt olacaqsan. Biz də qoca vaxtımızda ayağımızı rahat uzadıb öləcəyik. Xatircəm olacağıq ki, yurdumuzda bir nəfər çıraq yandıran vardır. Ancaq bütün arzularımız boşa çıxdı. Fələk biz düşünən kimi düşünmədi, arzularımız əksinə nəticə verdi. Səninlə qohumluğumuz baş tutmadan böyük bir bədbəxtliyə rast gəldik. Nə edək, bəlkə də qismətimiz belə imiş, hər halda axırımız xeyir olmadı. İlyas, Əhməd kişinin dediklərini axıra qədər dinləyə bilmədi. Həyəcanlı və təəccüblü bir halda soruşdu: – Mən sizi bədbəxt edə biləcək heç bir hərəkət göstərmədim, bəlkə siz əsli və əsası olmayan sözlər eşidibsiniz. Rica edirəm, məsələni lazımi qədər təhqiq edin. Əhməd kişi İlyasın bu sözündən sonra əlini qoynuna aparıb bir məktub çıxartdı və: – Al oxu, gör bu şayiələrə inanmağa haqqım var, ya yox? – dedi. İlyas məktubu alıb oxudu, məktubu Əmir İnancın qızı Qətibə imzalamışdı. “Əhməd kişi, bu məktubu alandan bir həftə sonra Xanəgah kəndindən köçüb getməlisən. Bu müddətin içərisində köçüb getməsən səni, ailəni də həbsə aldırıb, sürgün etdirəcəyəm. Sənin qızına heç bir vaxt oğlanlarla görüşmək və xalqın əxlaqını pozmaq ixtiyarı verilməmişdir. Qətibə”. İlyas məktubu oxuyub Əhməd kişiyə qaytardı. Lakin nə cavab verəcəyini bilmədi. Ancaq bir kərə titrək səslə: – Əmin olun, nə mən, nə də Rəna əxlaqsızıq! – dedi. Əhməd kişi cavabında: – Bilirəm, oğlum. Ona söz və şübhə ola bilməz. Lakin bir qızla tanış olduğun zaman əlində imkan olub-olmadığını düşünməlisən. Madam ki, sən Əmir kimi bir adamın qızı ilə tanışsan, onlarla əlaqədəsən, onların evinə gedib gəlirsən, onun qızı ilə yazışırsan, o zaman ikinci bir qızın yaxasını buraxmalı idin. Əvvələn bu yazıq qızın gənc qəlbini həmişəlik yaraladın, ikinci də, mənim bu qoca vaxtımda dərbədər düşməyimə səbəb oldun. Özüm üçün bir kasıb koma düzəltmişdim, bir parça əkin yerim, bir balaca bağçam da var idi. İndi iki inəyi, iki nəfər də qadın və qızı qabağıma qatıb buradan Əlibəyli kəndinə köçməliyəm, bəlkə də, orada özümə bir yuva tapdım! Əhməd kişinin bu sözlərindən sonra sanki dünya fırlanıb İlyasın başına dəydi. O, Əhməd kişiyə sual verdi: – Qətibə bu məktubu sizə kimin vasitəsilə göndəribdir? – Sənin öz yaxın adamınla: Əbül-Ülanın cariyəsi Səba xanımla. – Mən sizi əmin edirəm ki, bu məktubdan Əmir İnanc qızı Qətibənin xəbəri yoxdur, bunu Səba xanımın özü düzəldibdir. Əhməd kişi: – Ola bilməz! – dedikdə, İlyas: – Ola bilər, çünki Əbül-Ülanın ailəsilə mənim əlaqəm pozulmuşdur. Əbül-Üla Şirvan şahının sarayına köçəndən sonra bizim hamımız ona nifrət etmişik, onlar bunun səbəbini məndə görürlər. Buna görədir ki, haqqımda fitnələr və böhtanlar toxuyub düzəldirlər. Siz əmin olunuz ki, Qətibənin bu məktubdan xəbəri yoxdur. Bu yazı onun yazısı deyil, Səbanın öz xəttidir. Məktubu Qətibə yazmış olsaydı, öz nökəri ilə göndərərdi. Siz öz yerinizdə rahat oturun. İndi o zaman deyil, Əmirin bu cür işlərlə məşğul olmağa vaxtı yoxdur. O, xalq ilə hesablaşmağa məcburdur. Nə onlar, nə də mən qohumluq haqqında düşünürük. Mənim onların evinə gedib gəlməyim başqa bir məqsəd üçündür. Bəlkə də, bunun səbəbini siz gələcəkdə biləcəksiniz. Hazırda Əmir öz mövqeyini əlində saxlamaq üçün yerli xalqa yaltaqlanmağa başlamışdır. İlyasın bu sözlərindən sonra Əhməd kişinin qəlbi bir az sakit oldu, arvadını otağa çağırıb, məsələni ona da anlatdı, hər ikisi bu xəbərdən razı qaldılar, lakin Rəna otağa gəlmirdi, utanırdı. Əhməd kişi onu səslədi: – Rəna, otağa gəl! Qonağa qarşı etinasızlıq yaramaz! – dedi. Rəna əlində süfrə otağa girdi və şam yeməyi hazırlığına başladı. İlyası da şam yeməyinə saxladılar. * * * Səba xanım Qətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi. Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi. Buna görə də Cahan Banu xanım Qətibənin göndərdiyi üç min dinar gümüş pul müqabilində Səba xanımı Qətibəyə hədiyyə göndərmişdi. Səba xanımın Qətibəyə olan birinci xidməti Nizaminin sevgilisi Rənanın atasına aparıb verdiyi məktub idi. Məktubdan əldə edilən müvəffəqiyyət Qətibəni öz gələcəyinə inandırmışdı, o bu müvəffəqiyyəti təhqiq etmək üçün hər gün öz cariyələrindən birisini Nizaminin Rəna ilə görüşdüyü yerə göndərir və Rənanın görüş üçün gəlmədiyini öyrənir və şadlanırdı. Artıq Qətibənin yanında Səba xanımdan artıq hörmətli və etimad ediləcək bir cariyə yox idi. O, daima Səba xanımla oturar, onunla dərdləşər, onunla gəzər və onunla da yatardı. Səba xanım gecələrin birində Qətibənin eşq və sevda sərsəmləmələrindən ibarət olan söhbətlərinə cavab verərək deyirdi: – Mən öz möhtəşəm xanımım Qətibənin xatiri üçün öz müqəddəs arzularımdan da keçə bilərəm. Mən qəlbimdə bəslədiyim qiymətli cavahirləri belə xanımın yolunda qurban verməyə hazıram. Mən o böyük və inadlı şairi Rəna kimi dəyərsiz bir qızın sevgisindən qoparıb xanımın saçları ilə kəməndə sala bilərəm. Bu işi başladım. Gördüyüm işlər qələbə ilə nəticələndi, artıq gənc xanım şairi öz əlində əsir görməyə əmin ola bilər. Qətibə hiyləgər Səbanın bu qədər yağlı və şirin vədlərindən sevindi və yatağından qalxıb Səba xanımın boynunu qucaqladı, onun üzündən öpdü və boynundakı qiymətli incini çıxarıb Səba xanımın boynundan asdı. Səba xanım sevindiyindən hönkür-hönkür ağladı və Qətibəyə dua edərək: – Məndə bu qədər ehsanın əvəzi yoxdur, – dedi. – Allah səni bəladan saxlasın, sağlıq olursa, sən məndən bir çox şeylər öyrənəcəksən. Qətibə, Səbanı özü üçün göylərdən nazil olmuş bir nemət hesab edirdi, çünki o, macəranı sevir və macəraçı cariyələrə ta uşaqlıqdan hörmət bəsləyirdi. Səba xanım varlı və dövlətli yerə düşdüyünü və Fəxrəddindən intiqam ala biləcəyini, Qətibə isə bu macəraçının yardımı nəticəsində Rənanı məhv edib gənc şairə sahiblənməyi düşünürdü. Səba xanım gözünün yaşını sildikdən sonra: – Mən heç də Dilşadın burada böyük bir mövqe tutmasından razı deyiləm, – dedi. Qətibə cavabında: – O barədə heç də düşünmə! Onun sarayda qalmasına inanma, atam onu da, Süsən xanımı da xəlifə üçün bəsləməkdədir, – dedi. – Əcəba, Dilşad Fəxrəddinə ərə gedəndən sonra atan onu xəlifə həzrətlərinə göndərəcəkdir? Qətibə onun üzündən bir daha öpərək anlatmağa başladı: – Atamın xəlifəyə yazdığı məktubda Süsənin də, Dilşadın da adını oxumuşam. Buna görə də Dilşadın Fəxrəddinə ərə gedə bilməyəcəyinə tamamilə əminəm. Səba şad bir vəziyyət alaraq: – Elə də olmalıdır. Qəlbi yaralayanların qəlbi yaralanmalıdır, – dedi. Qətibə soruşdu: – Əcəba, Fəxrəddin sənin qəlbini sındırmışdırmı? – O mənim gəncliyimi əbədi olaraq zəhərləmişdir. O mənimlə illərdən bəri əyləndi. Mənsiz şad bir nəfəs almayacağını söylədi. Dünyaya yalnız məni görmək üçün baxdığını təkrar-təkrar danışdı. O, daima mənim gözlərimdən öpdüyü zaman dünya işığına ancaq mənim gözlərimlə baxdığını deyirdi. O mənim qara saçlarımla əyləndiyi zaman ona zindan kəsilən bu dünyaya ancaq mənim saçlarımla bağlandığını iddia edirdi. O məni görmək üçün gəldiyi zaman Əbül-Ülanın astanasını Kəbə evinin astanası kimi öpməyə hazır idi. Mən də onu sevirdim. Mən gündüzləri onu düşünür, gecələri isə yuxumda onunla əylənirdim. Buna haqlı idim, çünki bu eşqin tarixi çox uzun idi. Mən çox da tələsən qızlardan deyildim. Çünki o məni öz eşqinə inandırmışdı. Mən onun ikiüzlü eşqinə aldanmaqda haqlı idim, çünki elə bir qəhrəman, elə bir yaraşıqlı gənc çox az ələ düşərdi. Mən özümü dünyanın ən məşhur bir qadını bilir və bu arzularla uçurdum: onun gələcəkdə məşhur bir qəhrəman olacağına heç bir kəs şübhə etmir. Hətta mən onun eşqi və sevgisi üçün burada ondan da layiqli, yaraşıqlı bir gəncin ətəyini buraxdım. O isə məni bir dəyərsiz, elmsiz cariyəyə satdı. Mənim eşqimi onun eşqi ilə əvəz etdi. Artıq mənim heç bir ümidim qalmadı, ümid edəcəyim bir şey varsa, o da intiqamdır. Lakin burada mənə bir kömək lazımdır. Qətibə bir az düşündü və məhzun bir surətdə dedi: – Səni anlayıram, düşdüyün vəziyyət olduqca ağırdır. Səni ancaq mən duya bilərəm. Bir hiss mənə deyir ki, məni də gələcəkdə sənin aqibətin gözləyir. Görünür ki, gələcəkdə mən də özümə kömək axtarmalı olacağam. – Nə qədər canım sağdır, hər nə işin olsa, buyura bilərsən. Qəlbin bir kəsdən intiqam tələb edərsə, sənin yolunda ölümə getməyə hazıram. – Mən də sənə Fəxrəddindən alacağın intiqamda kömək etməyə söz verirəm. Mənə inana bilərsən. Ax, hiyləgər qız! Fəxrəddini sevdiyin üçünmü şairi mənə güzəştə getdin? – Şairlik böyük bir vergidir. Qəhrəmanlıq isə möcüzədir. Buna görə də Fəxrəddin çoxdan bəri mənim qəlbimə girmək üçün yol axtarırdı. İndi isə mənim qəlbim onun sevgisinə açıqdır. – Mən Dilşadı saraydan çıxarıb Bağdada göndərəcəyimə söz verirəm. Fəxrəddinlə görüşüb razılaşmaq isə sənin öz işindir. Mən bunun üçün heç bir çarə edə bilməyəcəyəm, çünki Fəxrəddinlə görüşüb danışmaq imkan xaricindədir. Mən özümü rüsvay edə bilmərəm. Səba xanım Qətibənin boynunu qucaqlayıb öpdü: – Sən ancaq mənimlə rəqabət edə biləcək Dilşadı aralıqdan çıxarmağı öhdənə götür. Son məsələ haqqında nə cür hərəkət etməyi mənim özüm bacara bilərəm. – Fəxrəddinlə görüşəcəksənmi? – Yox, o mənim ilə görüşməyə özü məcbur olacaqdır. – Onu sən nə cür məcbur edəcəksən? – Sən icazə verəndən sonra, burası çox da çətin deyil. – Mən mane deyiləm. – Mən Dilşadın dilindən ona bir məktub göndərəcəyəm. O məktubda Səba xanımla görüşməyi tapşıracağam. – Bu fikri bəyənirəm. Bu vasitə ilə görüşə bilərsən, ancaq onu öz sevginə razı edə bilməzsən, çünki o, Dilşadı qəlbən sevir. – Qəlbən sevdiyinə inanıram. Lakin qəlb fikrə hakim deyil. Qəlbi özbaşına qoymazlar. Dilşad gözəldirsə, mən də gözələm, eyni zamanda mən ürəklərlə oynamağı da bacarıram. – Mənim üçün belə bir adam lazımdır. Mən daima səninlə dost olacağam. Mən hər yerdə olursam, sən də mənim yanımda olmalısan. Çox uzun danışdılar. Səba xanım kağız və qələm hazırlayıb yazmağa başladı. Qətibəni yuxu aparmışdı. Bir qədər yatıb ayıldıqdan sonra Səba xanımın oturub yenə də yazdığını görüb soruşdu: – Əcəba, nə qədər çətin bir şey yazırsan ki, saatlarla məşğulsan? – Yazmaq çox asandır. Lakin düşünərək yazmaq çox çətindir. Bir az da dayan, sonra məktubu sənə oxuyaram. Mənim nə qədər fitnə və möcüzəkar bir qız olduğumu görərsən. Səba xanım bu sözləri deyərək, bir qədər də məşğul oldu, qələmi yerinə qoyub Qətibəyə tərəf döndü və dedi: – İndi eşit, gör nə yazmışam: “Bu məktub adı Dilşad, özü naşad olan bir cariyədən sevgisi və eşqi məlum olmayan bir qəhrəmana yazılır. Mənə vəfa və sədaqət öyrətdiyin halda, özün bunun əleyhinə işlədin. Mənim qəlbimdən geri götürdüyün cavahirləri başqalarının başına səpməyə başladın. Gözümüzün bəbəyində, bir-birimizin çöhrəsinə baxdığımız zaman, sənin qəlbini öyrənə bildim. Mən baharın lalələri qarşısında eşqin camını içməyə başlayırdım, lakin mən piyaləni doldurmadan bahar gəlib keçdi. Mən bəzi sözləri eşitməməyə çalışıram. Onlar bir külək kimi gəlib keçir, lakin o külək qəlbimdə yanan odları alovlandırır. Ürək sındı, onu bir daha soruşma, qanadları sınan quşa bir daha daş atmaq qəhrəmanlara yaraşmaz. Mən qəlbimi sənə açmaqda və öz sevgimi elan etməkdə yanılmışdım. Ayrılıq dərdindən xəbərdar olmayan adamlara qəlbin qapısını açmaq olmazmış. Dünyada eşq bundan ibarət imişsə, onunla yaşamaq çox çətindir. Əgər yar sənin kimi daşqəlblilərdən ibarətsə, onunla dirilik mümkündürmü?! Sənə demək istədiyim əsas sözlərimi və səndən sənə edəcəyim şikayətləri bu məktubda yazmağa cəsarət etmədim. Hərgah nə demək istədiyimi bilmək istəsən, Səba xanımı tapıb danış və nə deyəcəyimi ondan soruş. Bədbəxt Dilşad”. Səba xanım məktubu Qətibəyə oxuduqdan sonra büküb cibinə qoydu: – Görüşdüyüm zaman ona nə deyəcəyim haqqında düşünmək lazımdır. Bu barədə xanıma ayrıca danışaram. Onlar hələ yatmamışdılar ki, xacə Müfid qapını barmağı ilə vurub dedi: – Xanımlar yatmalıdırlar. Gecədən çox keçibdir. * * * Xəlifənin məktubu “Damad-müəzzəm! Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu. Əmirin tərəfindən göndərilən dörd məktubu almışam. Lakin bir-birini təqib edən hadisələr damad-müəzzəmin məktubuna müsbət cavab verməyə imkan vermirdi. Bir həftə bundan əvvəl Atabəy Məhəmməd Bəhram şah müharibəsindən qələbə ilə Həmədana girmişdi. O, bu gün xəlifənin ayaqlarından öpmək üçün Darüssəlama gəlmişdi. Bu gün onun atabəyliyini və qardaşı Qızıl Arslanın Təbriz hökumətinə namizədliyini, Əmir-müəzzəmin isə Aran ölkəsindəki hökmdarlığını təsdiq etdim. Şirvan şahlığı ilə nə kimi əlaqə saxlamağın barəsində ayrıca məktub göndərəcəyəm. Şirvan şahlığının toxunulmazlığı haqqında Sultan Toğrul və onun Atabəyi Məhəmməddən təminat alınmışdır. Bir daha qeyd etmək lazımdır ki, illər uzunu davam edən hadisələr nəticəsində Bağdad xəzinəsi tamamilə boşalmışdır. Arandan Darüssəlamın Beytülmalına göndərilməyən dörd illik təxsisat göndərilməlidir. Məmləkətlərə təzə təyin edilmiş atabəylərə, əmirülümərələrə, soltanlara və hökmdarlara hədiyyə vermək üçün ağ irqə mənsub, yəni ərəb olmayan cariyələr lazımdır. Xüsusən xas qulamlara böyük ehtiyac vardır. Mümkün olduğu qədər gözəl cariyələr və qulamlar göndərəsən. Keçən məktubların birisində “Əmirəlmöminin üçün sarayda Süsən və Dilşad adlı iki gözəl cariyə bəsləyirəm” – deyə yazmışdın. Onları mümkün olursa təcili surətdə göndərəsən. Sarayda olan cariyələr qocaldığı üçün səfirlər və elçilərin məclislərində xidmət etməyə layiq deyildirlər. Bağdadda gözəl cariyələr yoxdur. Hətta Fənahsın “Qadın və qızlar dünyası” adlanan müəssisəsində də xəlifəyə layiq qızlar və qulamlar tapılmır. Əvvəlcə vədə verdiyin cariyələri göndərməlisən. Onları burada Fənhasın tərbiyəxanasında hazırlatdırıb saraya almaq mümkündür. Baqi Allahın mərhəməti və xəlifeyi-ruyi-zəminin himayəsi damad-müəzzəmin haqqında şamildir. Darüssəlam. Əmirəlmöminin xəlifə Müstərşidbillah”. Əmir İnanc məktubu alan kimi şadlığından nə edəcəyini şaşırdı. Dərhal veziri Toxtamışı yanına çağırıb məktubu ona oxudu. Toxtamış: – Əmiri təbrik edirəm. Bu xəbər xudavəndi-aləmin böyük bir hərəkətidir, – dedi. – Lakin Əmir bu məktubu heç bir kəsə göstərməməli və danışmamalıdır. Çünki məktubun məzmunu Aran istiqlaliyyəti məsələsini kölgədə buraxır. Əmir Toxtamışın sözünü təsdiq etməklə bərabər məktuba cavab vermək haqqında onun məsləhətini soruşdu. Toxtamış bununla da razılaşmayaraq dedi: – Cavab yazmaq məsləhət deyil, çünki yolların hamısı bizə yabançı olanların əlindədir. Bizim xəlifəyə göndərəcəyimiz məktub başqalarının əlinə düşə bilər. O zaman bütün tədbirlərimiz əks nəticə verər. Əmir Toxtamışın nəsihətləri ilə razılaşmadı və Toxtamışa etiraz edərək dedi: – Əmirəlmömininin məktubunu cavabsız buraxmaq ona qarşı böyük həqarətdir. Toxtamış yenə də bu fikir ilə razılaşmadı: – Cavabın təxirə düşməsi xəlifə üçün təhqir deyildir, çünki xəlifənin özü də Azərbaycanın nə vəziyyətdə olduğunu bilir. Bir də budur ki, xəlifəyə quru bir məktub göndərməyin heç də mənası yoxdur. Xəlifənin məktubda göstərdiyi məsələlərə cavab vermək lazımdır. Məmləkətin bu vəziyyətilə xəlifəyə pul göndərmək ağılsızlıqdır. Gəncədən Araz kənarına qədər olan torpaqların hər qarışı bir adamın əlindədir. Atabəylərin qoşunu məmləkəti işğal edəndən və yollarda əmin-amanlıq başlanandan sonra cariyələri də, xəzinəni də, məktubu da göndərə bilərik. Məktubun azərbaycanlıların əlinə düşərsə, sənin Azərbaycan istiqlaliyyətinə xəyanət etdiyini və böyük bir xalqı aldatdığını ifşa edərlər. O zaman həyatın da təhlükə altında qala bilər. Xüsusən xalq xəlifənin adını eşitmək istəmədiyi bir zamanda sənin xəlifə ilə əlaqədə olmağın böyük bir qorxunun zəminəsini qoya bilər. İndi daha o vaxt deyil, xəlifə nüfuzunu Qurana və dinə əsaslandırmaq istəyənlər öz-özünü aldadır. Hazırda nüfuzu yalnız qoşun və qılınc vasitəsilə saxlamaq mümkündür. Əmir Toxtamışın tədbirlərilə razılaşmadı, o, xəlifənin məktubunu cavabsız qoymağı yenə də Əmirəlmömininə qarşı ədəbsizlik hesab etdi. Nəhayət, məktubu yazdırdı. “Bu gün Darüssəlamdan xəlifeyi-ruyi-zəmin, Əmirəlmöminin həzrətlərinin mübarək məktubunu alıb gözlərimizə sürtməyə və öpməyə nail olduq. Xudavəndi-aləmə hədsiz şükürlər etdik ki, Əmirəlmöminin öz nökərlərini yadından çıxarmamışdır. Üç ildən bəridir ki, Darüssəlam ilə əlaqəmiz kəsilmişdi, lakin qəlbən və ruhən Əmirəlmömininin həzrətlərinin nüfuz və iradəsi ilə sıxı bir surətdə bağlı idik. Şimali Azərbaycanın vəziyyəti olduqca çətin bir şəkil alıb. Xalq artıq yerli hakimləri tanımaq istəmir. Əmirəlmöminin həzrətlərinə hamıdan əvvəl Şirvan şahlığı ilə Aran havalisi arasında mövcud olan əlaqə haqqında yazmağı lazım bilirəm. Şirvan şahlığı Aran havalisinin başsızlığından istifadə edib bu ölkəni öz məmləkətinə ilhaq etmək istədi. Bu məqsədə əsasən də Gəncənin nüfuzlu adamlarını öz tərəfinə çəkib böyük hədiyyələr, xələtlər, ehsanlar verir, hətta şair Əbül-Üla belə hazırda xaqanın sarayında yaşayır. Əmirəlmömininin aciz nökərləri Aran ilə Şirvanın birləşməsi işini gələcəkdə xəlifə nüfuzuna qarşı zərərli hesab edib bu ilhaqa əngəl törətdilər. Bu təşəbbüsümüzə Arandakı Azərbaycan vətənpərvərləri də kömək etdi. Şimali Azərbaycanda hökumətə qarşı ciddi bir üsyan hərəkatı hiss olunurdu. Aralıqda hökuməti məmləkətdən xaric etmək, ərəb nümayəndələrini sürgün eləmək və sair bu kimi fikirlər genişlənməkdə idi. Biz isə onlara istiqlaliyyət vədəsi verməklə bu fikirləri onların başından çıxardıq. Hərgah Əmirəlmöminin nökərləri bu təşəbbüsündə xəlifənin müqəddəs iradəsinə qarşı bir günah mürtəkib olubdursa, xəlifə öz mərhəmətilə nökərlərini bağışlasın. Hazırda Şimali Azərbaycanda xalq qardaşlığı məsələləri olduqca böyük dairədə inkişaf edir. Xalqın ziyalıları, başda şair Nizami olmaq üzrə Zəncanlı Əxi Fərruxun qardaşlaşdırma əqidəsini xalq içərisinə yayırlar, onlar bununla müxtəlif əqidə və müxtəlif təriqətlər daşımaqda olan xalqı vahid bir əqidə ətrafında cəm etməyi düşünürlər. Bu məsələ daha qorxulu məsələdir. Azərbaycan xalqı dinə və hökumətə qarşı üsyan etmək işinə Babəkin zamanından alışmışdır. Bu barədə Azərbaycan xalqı ən qorxulu xalqdır. Bunlar son illər dinə, mövhumata, üləmaya və ruhanilərə bir hökumət nümayəndəsi deməyə başlayıblar. Gəncə xətibinin əleyhinə böyük bir üsyan başlanacaqdı. Onu sürgün etmək bəhanəsilə bir qədər xərc verib Kəbə ziyarətinə göndərdim. Əmirəlmömininin həzrətlərinin xatiri-şərifi kədərlənsə belə, bir məsələni də gizlədə bilməyəcəyəm. Azərbaycan əhalisini sakit etmək üçün “ərəb nüfuzunu ölkədən təmizləyirik” deyə bir neçə nəfər ərəbi də zahirdə Azərbaycandan çıxardım. Onlardan birisi də katibim Mühakim ibn-Davud idi. O, xəlifeyi-ruyi-zəminin hüququna qarşı xəyanət əli uzadıb, sarayda xəlifə üçün tərbiyə edilən Dilşad adlı qıza sevgi elan edirdi, buna görə də onu cəzalandırıb, sonra da Azərbaycandan xaric etdim. Bu tədbirlərimiz də çox gözəl nəticə verdi... Beytülmala olan borclarımız haqqında deməliyəm ki, maliyyə vəziyyəti çox ağır bir şəkil alıb. Əhali çox dikbaşdır, bəzən kəndlərdə və şəhərlərdə olan vergi yığanlarımızı ən sadə bir kəndli döyüb qovur. Adamlarımız aylarla vergi yığmağa gedə bilmir. Vergi yığanlardan bir çoxunun başını yarıb geri qaytarırlar. Hərgah Əmirəlmömininin müqəddəs məktubunda göstərildiyi kimi yaxında işlər yoluna düşərsə, vergiləri tamamilə bir neçə ayın içərisində yığıb beytülmala olan borcları göndərə bilərəm. Cariyələr və qulamlar göndərmək barəsində də bir neçə söz yazmaq istəyirəm. Əvvəlcə burada qız yığmaq üsulu vergi əsasına tətbiq olunurdu. O zaman Əmirəlmöminin həzrətlərinə layiq olan qızları siyahı edib atalarına çox ağır vergilər qoyurduq. Onlar ağır vergini verə bilmədiyi üçün qızını Əmirəlmöminin həzrətlərinə kəniz vermək şərəfinə nail olurdu. Lakin indi nəinki ağır vergi, hətta yüngül vergi də qoymaq mümkün deyil. Hazırda xəlifəyə layiq olan qırx nəfər qızın siyahısı vardır. Aralıq sakit olan kimi onları yığıb Süsən və Dilşadla bərabər Əmirəlmömininin hüzuruna göndərəcəyəm. Hələlik Azərbaycandan kənara qız göndərmək çox qorxulu bir işdir. Xüsusən Dilşadı şəhərin ən nüfuzlu adamlarından Fəxrəddin də sevir, mən də məmləkətin məsləhətini nəzərə alıb ona söz vermişəm. Əmirəlmömininin himayəsi üstümüzdə olursa, tez bir zamanda Fəxrəddin başqaları ilə bərabər aradan qaldırıb, Dilşadı hüzura göndərəcəyəm. Əmirəlmömininin sadiq qulu İnanc”. Məktubun üstünü möhürləyib Əmir İnancın nökərlərindən Hacibə tapşırdılar. Hacib gecə ikən heç bir kəsə bildirmədən, Qarabağa, oradan da Araz çayını keçib Bağdada getməli idi. * * * Xəlifənin qasidi Əmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi. Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı. Səhərə az qalırdı. İşvəkar qadınlar kimi üzünün bir tərəfini göstərən ay da mavi havada gəzdiyi zaman su üzərində üzən yarımçıq qarpız qabığını təsvir edirdi. Ayın ziyası olduqca zəif idi. Ətrafında dolaşan xırda ulduzların işığına belə qalib gələ bilmirdi. Ay çıxan kimi Mahmudlu və Əbubəkr kəndinin köpəkləri ağzını fəzaya tutaraq bir ağızdan ulaşmağa başladılar. Əmirin sarayını güdən qarovullar “səhərdir!” – deyə çəkilib getmək istərkən, saray qarovulçuları da köpəklərin ulaşmasını eşidərək, səkiyə söykənib yatmışdılar. Fəxrəddin bağça qapısından ayrılmamışdı. Bir az sonra Əmirin bağça qapısında bağlanmış köpəklərin də səsi eşidildi. Bir dəqiqə keçmədən bağça qapısı açıldı, qapıdan bir nəfər çıxıb köpəyə yanaşdı, köpək isə onu görən kimi səsini kəsərək yaltaqlanmağa başladı. Köpək sakit olandan sonra qapıdan ikinci bir nəfər çıxıb düz-doğru çay kənarına düşməyə başladı. Köpəyi sakit edən adam yenə də bağçaya girib, qapını bağlayaraq getdi. Fəxrəddin yanındakı yoldaşları ilə bağçadan çıxaraq, çaya tərəf düşən adamı təqib etməyə başladı. Naməlum adam çayı keçmək üçün körpüyə yanaşmadı, çayın kənarına düşən kimi soyunub çayı keçdi. Bu, onu təqib edənlərin şübhələrini bir daha artırdı. Onlar da çayı keçib iki hissəyə ayrıldılar; bir hissəsi Musa dəyirmanının üstündən aşıb onu qarşılamaq üçün yol başladı, o biri hissə isə onu təqiblə yoluna davam etdi. Naməlum adamın keçib getməsi üçün ancaq bircə yol var idi. O, Xanəgah kəndinin ayağındakı qəbiristanın qərb tərəfindən keçib getməyə məcbur idi. Fəxrəddinin adamları Musa dəyirmanının üstündən aşıb naməlum adamın yolunu kəsmişdilər. Naməlum adam yetişdi, ona çox diqqətlə baxdılar, o heç də sarayda yaşayan adama bənzəmirdi. Hər halda saraydan çıxdığı üçün qarovullar da onu saxlamalı və yanında nə apardığını yoxlamalı idilər. Şeyx Saleh məqbərəsinin yanından keçərkən onun başına bir palaz atıb məqbərənin içinə gətirdilər. Onu arxadan təqib edənlər də gəlib yetişdi. Naməlum adamı son köynəyinə qədər soyundurdular və yanında olan şeyləri götürüb yola düşdülər. Hacib, tamamilə bir tuman-köynəkdə qayıdıb Əmirin sarayına gəldiyi vaxt hələ işıqlanmamışdı. O, bağça qapısına yanaşa bilmədi, çünki qapıda bağlanan sərt köpək onu yırtıb dağıda bilərdi. O, saray qapısına yanaşıb mürgüləməkdə olan qarovulu oyatdı və: – Tez məni içəri burax, məni bu halda görməsinlər! – dedi. Qarovul onu başından ayağına qədər gözdən keçirdi. Gözlərini ovub ona diqqətlə baxdı və azərbaycanca soruşdu: – Nə istəyirsən, bu nə haldır? Hacib qarovulun ərəbcə bilmədiyini görüncə, çox həyəcanlı bir surətdə: – Ənəlüryan, ənəl Hacib ibn-Tahir! – dedi. Qarovul yenə də bir şey anlamayaraq sakit-sakit baxmağa başladı. Bu sükut bir neçə dəqiqə çəkdi, nəhayət, qarovul nə düşündüsə qapını vurub qarovulbaşını çağırdı, qarovulbaşı ərəb olduğu üçün Haciblə danışdı, məsələni aydın etdi və Hacibi içəri aldı. Əmir hələ yatağından qalxmamışdı; o, gecəki sərxoşluğun xumarlığı altında nazlanırdı. Gözəl cariyələr yataq otağına girib hər günkü vəzifələrinə başlamışdılar. Əvvəlcə Zərifə ilə Hümeyra adlı iki gözəl cariyənin birisi Əmirin sağında, ikincisi isə solunda oturub, onun ayaqlarını və qılçasının yumşaqlarını ovur və onu nazlandırırdılar. Zərifə ilə Hümeyra vəzifələrini bitirdikdən sonra Sanihə ilə Gülnar adlı cariyələr Əmirin yatağına yanaşaraq onun hamam libasını geyindirməyə başladılar. Bu çox uzun çəkmədi. Əmir yataq otağından dəhlizə çıxandan sonra onu gözləməkdə olan on səkkiz nəfər gözəl və gənc cariyə onu aralığa alıb çimdirməyə götürdülər. On səkkiz cariyə Əmiri bir saatın zərfində çimdirib qurtardı. Yenə də Sanihə ilə Gülnar hamama girib Əmirin namaz paltarlarını verdilər və geyindirib namaz otağına gətirdilər. Əmir namaza başlamaq istərkən gənc və gözəl cariyələr çəkilib getdilər. Bunlar getdikdən sonra Həyat xatun adlı qoca bir qadın içəri girib səccadəni xalçanın üstünə və Nibirə xatun gəlib canamazı səccadənin üstünə açdı, Əmir səhər namazına başladı. Səhər namazı yarım saat çəkdi. Yarım saatdan sonra Şeyx Hadi Ülqari əlində Quran namaz otağına girib Əmirə yasin surəsini oxudu. Bir saatdan sonra Həyat xatunla Nibirə xatun içəri girib canamazı və səccadəni yığdılar. Süfrə xidmətçiləri içəri girib süfrəni Əmir oturduğu döşəyin qarşısında saldılar. Bu anda qırx beş nəfər gözəl cariyə otağa girdi və əlvan yeməkləri süfrənin üzərinə döşəməyə başladı. Saqilər əllərində piyalələr daxil oldu, iki nəfər qulam rətli gətirib süfrənin ortasında qoydu. Bunların dalınca da, şərabçılar içəri girib ağızları yaşıl ipəklərlə sarınmış şüşələri açıb rətlin içinə tökməyə başladılar. Əmir süfrəyə əlini uzatmırdı, o bəzi qonaqları gözləyirdi. Əmirin veziri Toxtamış və qoşun komandanlarından Hüsaməddin içəri girdilər, onlar süfrəyə oturunca Əmir “bismillah” dedi və səhər yeməyi başlandı. Musiqiçilər, onların dalınca da rəqqasələr otağa daxil oldular. Saqilər gümüş sinilərdə düzülmüş zərif piyalələrlə rətlə yanaşdılar. Şərabçı əlində gümüş abgərdən piyalələri doldurduğu zaman çalğıçılar işə başladı. Əmirin on nəfərdən ibarət rəqqasəsi də bir anda yerindən sıçrayaraq, Əmirə təzim etdilər və rəqsə başladılar. Rəqqasələrin göstərəcəyi bədii incəliklər Əmirin əlindəki piyaləsi ilə həmahəng olmamışdı ki, xidmətçi içəri girib səsləndi: – Hacib! Hacib. Hər şey olduğu yerində qaldı. Piyalələr, rəqqasələr, saqilər, şərabçılar, süfrəyə yemək gətirən cariyələr – hər şey, hər şey sükuta büründü. Ancaq qoca vəzir Toxtamış xidmətçiyə müraciətlə: – Get, Hacibi bura çağır! – dedi. Sonra Əmir də cariyələrə əmr etdi: – Süfrəni yığışdırın, hamınız da buradan gedin! – Otaq boşaldı, heç bir kəs qalmadı. Toxtamış Əmirə tərəf dönüb qəmgin və nəsihətverici bir halda dedi: – Bu iş bir hadisəsiz deyildir. Mən Əmirə dedim ki, məktuba cavab yazmaq məsləhət deyil. Hər işdə olduğu kimi indi də mənim dediklərimi eşitmədin. Hazırkı vəziyyətin nə qədər qorxulu olduğunu nəzərə almaq lazım idi. Hacib içəri girdi, o çılpaq idi, ancaq üstünə bir əba salmışdı. Əmir ona sual verdi: – Bu nə hadisədir? Hacib titrək bir səslə dedi: – Çox şükür edirəm ki, mənim özümü öldürmədilər. Mən hələ şəhərdən o qədər də uzaqlaşmamışdım, kiçik bir kəndin altındakı qəbiristandan keçib, böyük bir məqbərəyə yaxınlaşırdım. Birdən başıma bir palaz atılıb məqbərəyə tərəf gətirildiyimi gördüm. Əmir tələsik soruşdu: – Məktubu almadılar ki?! – Bütün hadisələr həmən məktubu məndən almaq üçün qurulmayıbdırmı? Toxtamış yenə də başına hərəkət verib öz-özünə dedi: – Bütün məmləkət göz olub bizi təqib edir, biz isə sarayın içərisinə soxulub, kor-koranə bir surətdə iş tuturuq. Əmir də təəssüfedici və acizləşmiş bir halda əlini dizinə çırparaq dedi: – Zəmanənin işinə baxın, vaxtilə mənim hər bir hərəkətim Aran məmləkətində bir hadisə kimi hər yerə və hər kəsə təsir yetirirdi, indi isə beş-altı nəfər adı-sanı məlum olmayan adam hər gün mənə qarşı bir hadisə yaradır. Toxtamış Əmirə ürək verərək: – Şaşırmağa və baş itirməyə dəyməz, hadisələrə qarşı hadisələr qoymaq lazımdır. İş-işdən keçibdir. Əmir Hacibə sual verdi: – Sən həmən adamları səsindən tanıya bilərsənmi? – Bəli, tanıya bilərəm! – Onlar səni danışdırdılarmı? – Xeyr, danışdırmadılar. – Bəs sən onların səsini haradan eşitdin? – Öz aralarında danışırdılar. – Nə danışırdılar? – Ərəbcə danışırdılar. Bəzisi məni öldürməyi təklif edirdi, bəziləri isə yaramaz, bunun nə təqsiri vardır? – deyə mane olurdu. Toxtamış: – Bu da bir hiylədir! – dedi. – Gəncə kimi yerdə ərəblər gecə vaxtı başını evindən dışarı çıxara bilməz. Onların şəhərin altında qasidi qarət etməsinə kim inana bilər? Hadisə təşkil edilmiş bir hadisədir. Yerlilərin işidir. Burada ərəbcə danışan yüzlərcə yerli vardır. Hər dildə danışırlar-danışsınlar, yenə də səslərindən tanımaq mümkündür. Şübhəli adamların siyahısını tutmaq, onları başqa bir iş üçün çağırıb danışdırmaq və danışdıran zamanda Hacibi pərdənin dalında qoymaq lazımdır. Əmir Toxtamışın fikrinə qarşı acı bir təbəssümlə dedi: – Şübhəli adamları siyahıya almaq və onların şübhəli olduqlarını təyin etmək o qədər də çətin deyildir. Lakin bununla biz nə edə bilərik? Kimə gücümüz çatar? Tutaq ki, Nizami və Fəxrəddin şübhəli adamlardır. Bugünkü vəziyyətlə əlimizdən nə gələr? – Bunları təyin etmək indi üçün də lazım olmasa, gələcək üçün lazımdır, çünki zaman daima bu əyri məhvərin üzərində davam edə bilməz. Bu gün gücümüz yoxdursa, sabah olacaqdır. Hələlik xarici düşmənlərimizlə müdara etməliyik. Lakin içəridəki düşmənləri azad buraxmaq olmaz. Buradan eşiyə xəbər aparanlar vardır. Bu da bizim öz səhvlərimizdir, çünki cariyələrin Fəxrəddin və sair bu kimi adamlarla əlaqə saxlamasına bizim özümüz imkan verdik. Əmir özünü düzəldib: – Doğrudur, – dedi və xacə Müfidi çağırıb fərman verdi: – Bundan sonra Dilşadın Fəxrəddinlə əlaqədə olduğunu eşidərsəm, səni qatır quyruğuna bağlatdırıb Gəncə küçələrində sürütdürəcəyəm. O, buradan rədd edilənə qədər heç bir yerə buraxılmamalıdır. Eşitdinmi? Onu həbsdə saxlarsan. Ancaq öz otağında saxlamalısan. Yeməyinə də, geyinməyinə də diqqət göstər, onun çəkisi bir ovqiyə azalsa, gözəlliyindən bir iynənin gözü qədər təğyir tapsa müqəssirsən. O xəlifəyə göndəriləcəkdir. * * * Fəxrəddin və Səba Dilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi. Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu. Ziyarətnamə bitdikdən sonra Fəxrəddin Səba xanıma sual verdi: – Səba xanım, sən bu məqbərənin ziyarətinə tez-tezmi gəlirsən? Səba xanım təəccüblə dönüb Fəxrəddinə baxdı, sanki onu tamamilə görməmişdi, buna görə də: – Fəxrəddin, sən çoxdanmı burada idin? – deyə soruşdu. – Sən ziyarətnaməni başlayan dəqiqədən burada idim. Ziyarətnaməni mənim üçün də oxudun? – Mən səninlə burada görüşməyi heç də sevmirəm. Dostun dost ilə qəbiristanda görüşməsi xoşbəxtlik ümidləri vermir. – Mən daima sənin xoşbəxt olmanı istəyirdim. Xoşbəxt olduğunu eşitdim. – Hansı xoşbəxtliyimi eşitmisən? – Əmirin cariyəsi olmaq şərəfini mənimsəyən bir qız, özünü xoşbəxt hesab etməzmi? Ancaq sənin qədər gözəl bir cariyənin evdən çıxmasına Cahanbanu xanımın nə cür razı olduğunu təsəvvürə gətirə bilmirəm. – Təsəvvürə gətirə bilmədiyinin səbəbi Əbül-Ülanın ailəsində baş verən hadisəni bilmədiyindəndir. – Nə olmuşdur ki? – Mahtab xanımla Nizaminin evlənmək hadisəsini eşitmədinmi? – Eşitdim. Nizami Mahtab xanımın izdivacından boyun qaçırmadımı? – Qaçırdı. Lakin Əbül-Ülanın ailəsi Nizaminin Mahtab xanımı sevməməsinin səbəbini məndə gördülər. Zənləri də doğru idi, çünki mən Nizami kimi gənc bir şairin axmaq və adi bir qıza evlənməsinə razı ola bilməzdim. Nəhayət, Əmir İnanc xəlifəyə gözəl cariyələr hədiyyə göndərmək istədiyi üçün məni də Əbül-Ülanın ailəsindən ağır bir qiymətə aldı. Bununla da mən iki xoşbəxtliyə birdən nail oldum: o qilü-qallı ailədən qurtardım, həm də xəlifə saraylarında həyat keçirmək şərəfinə nail oldum. Qoy məndən gözəllərini axtaranlar da öz hesabını aparsınlar. Fəxrəddin onun nə demək istədiyini anlayırdı. Buna görə də onun qəlbini ələ almaq üçün dedi: – Elə düşünmə, Səba xanım. Sənin gözəl və sevimli bir qız olduğunu heç kəs inkar etməz. Hərgah sən gözəl olmasaydın, böyük şair Əbül-Üla səni öz evində saxlamazdı. Fəxrəddin onu başqa bir məqsədlə görmək istədiyindən, söhbəti əski sevgilərin üzərinə keçirmək istəmədi. Səba xanım isə olduqca ehtiyatla davranır, Dilşad barəsində bir kəlmə də olsa danışmırdı. O əvvəlcə Fəxrəddinin söhbət açmasını gözləyirdi. Buna görə də getməyə hazırlaşaraq: – Məni bağışla, səninlə vaxt keçirmək, məncə, hər şeydən qiymətlidir, lakin Əmirin qızı bir saat da olsa mənsiz sarayda qalmağı sevmir. Səba xanım bunu deyərək ayrılmaq istərkən Fəxrəddin onu dayandırıb dedi: – Mən Dilşaddan bir məktub almışam. Məktub olduqca anlaşılmaz bir məktubdur. Lakin Dilşad məsələnin təfsilatını öyrənmək üçün sənə müraciət etməyi tapşırmışdır. Səba xanım məzəmmətedici bir tövr alaraq başına hərəkət verib dedi: – Mənim başıma gətirdiklərindən o bədbəxtin də başına gətirdin? Fəxrəddin heyrətli bir vəziyyətlə: – Əcəba, mən ona qarşı nə kimi bir fənalıq etdim ki, – deyə soruşdu. Səba xanım: – Mənə qarşı nə kimi fənalıq etmişdinsə, Dilşad üçün də onu etdin! – dedi. – Fənalığın bir adı olmazmı? – Nə üçün də olmasın? İllər uzunu bir adamla əylənərək, sonra onu rədd etmək və başlı-başına buraxmaq fənalıq deyilmi? – Onu kim deyir ki? Mən onu ruhum qədər sevdiyim bir halda rədd edə bilərəmmi?! – Qəhrəmansan, lakin qadınlar haqqındakı rəftarın ən adi rəhmsiz və ədəbsiz kişilərin rəftarından fərqli deyil. Yazıq qıza göndərdiyin məktub bir qəhrəmanın işidirmi? Fəxrəddin həyəcanla soruşdu: – Hansı məktub? – Bir neçə gün bundan qabaq Dilşada yazdığın məktub. “Dilşad, məndən sevgi gözləmə!” – deyə yazdığın məktub. Nə olub, gözəl Dilşad qocaldımı? Ya sənə bir xəyanətdə bulundumu? Yox! Sən desən də mən inanmaram, çünki Dilşadın məsumluğu bütün sarayda məlumdur. – Mən ona məktub göndərməmişəm, bu kökündən böhtandır. O, gərək buna inanmasın. – Sən Dilşadı sevdiyin və onunla görüşdüyün zaman mənə də nəsihət verib deyirdin ki, “Sən gərək yalan şayiələrə inanmayasan”. Axırda necə oldu? Nə üçün cavab vermirsən? Mən sənə nə yamanlıq etdim? Mən çirkinmi idim, əxlaqsızmı idim? Fəxrəddin Səba xanımın cavabını verə bilmədi, onu buraxdığının səbəbini deyib açıqlandırmaq istəmədi, çünki belə bir vəziyyətdə heç bir zaman ona: “Mən səni əxlaqın pozğun olduğu üçün, söz gəzdirən və macəraçı olduğun üçün buraxdım” deyə bilməzdi. Ancaq yenə də bayaq dediklərini təkrar etdi: – Mən ona elə bir məktub göndərməmişəm. O haman məktubu mənə göndərsin. – Mənim onların heç birisilə işim yoxdur, ancaq qız ağlaya-ağlaya sənə bu sifarişləri göndəribdir: əvvəla, o deyir ki, “Mən sənə heç bir xəyanət etmədiyim üçün belə məktubun göndərilməsi yersizdir. Öz qəlbini sənə vermiş bir qıza qarşı bu cür rəftar xəyanətdir. Eybi nədir? Onda sevmişdim, indi isə unutmağa çalışıram”. Fəxrəddin: – Sübhanallah, nə qədər böyük bir xəyanət! O məktubu kim yazmış olar? Məncə, heç bir məktub ona göndərilməmişdir. O, məndən uzaqlaşmaq üçün məktubu bəhanə etmişdir. Hərgah onun fikri budursa, açıq yazmalıdır. Fəxrəddin bu mövzu üzərində çox uzun danışdı. Səba xanım isə heç bir qəti yol göstərmədi. Nəhayət, Fəxrəddin yalvarıcı bir surətdə: –Səba xanım, hər nə olubsa keçibdir. İndi isə səndən bir ricam vardır. Səba etinasız bir tövr alaraq soruşdu: – Rican nədir? – Mənim məktubumu Dilşada yetirəsən. – Mənim saraya getdiyimin tarixi o qədər də uzun deyil. Hərgah Əmir mənim saraya məktub aparacağımı bilərsə, onda mənim fəryadıma kimlər çata bilər? – Məktub uzun bir məktub olmayacaqdır. Bir parça kağız üzərində yazılan bir neçə kəlmədən ibarət olacaqdır. – Sənə inana bilmirəm, gedib başqalarına xəbər verərsən, nəhayət, Əmirin qulağına yetişər. Fəxrəddin bütün müqəddəslərə, sədaqətə, vicdana and içəndən sonra Səba xanım məktubu aparmağa razı oldu. Fəxrəddin bir çox təşəkkürdən sonra bu məzmunda bir məktub yazıb verdi: “Mənim ruhum Dilşad! “Yazdığın məktub yetişdi. Sifarişlərini aldım. Sənə göndərilən məktuba inanma, təfsilən yaz, görüm orada nə eşidibsən. Mən heç bir zaman səni atmayacağam. Fəxrəddin”. Səba xanım məktubu alıb cibinə qoyduqda, öz qəlbində deyirdi: – Buna intiqam deyərlər. Mən bu məktubu Əmirin qabağına qoyub sarayda olan sirlərin Dilşad tərəfindən Fəxrəddinə xəbər verildiyini isbat edərəm. * * * Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsi Nizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi. – Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır. Fəxrəddin Nizamini öz evinə qədər müşayiət idi; onlar qapıda xacə Müfidin durduğunu gördülər. Xacə Müfid dərhal bir məktub çıxarıb Nizamiyə uzatdı və Nizamidən cavab gözləmək üçün boynunu çiyninə qoyub durdu. Məktub çox qısa idi: “Möhtərəm şair, yazdığım şeir haqqında məsləhət və göstəriş vermək üçün günorta azanı mənim yanıma gəlməyini rica edirəm. Qətibə”. Nizami daha evinə girmək istəmədi, çünki günortadan bir az da keçirdi. Buna görə də xacə Müfidə tərəf dönüb: –Gedin, mən gələrəm! – dedi. Müfid getdi. Nizami məktubu cibinə qoyub: – Heç bilmirəm bu macəraçı qızın əlindən yaxamı nə cür qurtarım, – dedi. Fəxrəddin: – Biz saraya yol tapmaq üçün başımızı sındırırıq, sən ora getməkdən nə üçün boyun qaçırırsan? – dedi. – Bir neçə gün bundan əvvəl Dilşada bir məktub göndərmək üçün iki saat Səba xanıma yalvarmışam. Lakin onların özləri sənə məktub göndərib çağırır, sən isə getmək istəmirsən. Nizami Fəxrəddindən bu sözləri eşidəndən sonra acıqlı bir surətdə ona sual verdi: – Səba xanımla məktubmu göndərdin? – Elə bir şey yazmamışam. Məktubunu aldığımı və göndərdiyi sifarişlərin yetişdiyini xəbər vermişəm. – Mən sənə tapşırdım ki, sənin adına göndərilən məktuba etibar etmə. Mən bilirdim ki, o məktub Səba xanımın macərasıdır. Sən nə üçün o əxlaqsızla görüşüb öz sirlərini onun əlinə verdin? Sən indiyə qədər Səba xanımı tanımadınmı? Onunla sevgi elan etdiyin zaman başına nə kimi oyunlar açdığını unutdunmu? İndi o sənin məktubunu aparıb Əmirin qabağına qoyacaq, onunla da Dilşadın saraydan sənə məktublar göndərdiyini isbat edəcəkdir. Sənin tədbirsizliyin və ehtiyatsızlığın üzündən bədbəxt qız da Əmirin ağır cəzalarını çəkməyə məcbur olacaqdır. Sənin bu hərəkətin xəlifənin qasidi Hacibin soyulması məsuliyyətini öz öhdənə götürmək kimidir. Fəxrəddin cavab verə bilmədi; o öz xətasını anladı, nəhayət, başını qaldırıb yavaşdan dedi: – Hərgah Səba məni aldatmış olsa, mən onu məhv edərəm. Nizami Fəxrəddinin cavabında: – Öldürmək buraxılmış xətanı islah etmək deyildir. Fəxrəddin, sən bir kərə onu bilməlisən ki, qəhrəmanlığı təşkil edən ünsürlərin başlıcası tədbir və düşüncədir. Tədbiri olmayan qəhrəman öz başını çox tez sındıra bilər. Bu qədər tədbirsizliklə bir xalqın müqəddəratını ələ almaq böyük məsuliyyətsizlikdir. Sən bir yaxşı düşün, macəraçılığı yüz kərə imtahandan çıxmış Səba xanıma kim inana bilər? Bundan sonra nə ümumi, nə də xüsusi işlərin haqqında məndən məsləhət istəmə, çünki sən məsləhətləri qiymətləndirmirsən. Nizami bu sözləri deyib Fəxrəddindən ayrıldı. Bir qədər yol gedəndən sonra dönüb geriyə baxdı, Fəxrəddinin olduğu yerdə dayanıb fikrə getdiyini görərək, öz-özünü məzəmmət etdi: – Mən onunla çox iti danışdım, halbuki o mənim səmimi dostumdur. O sevdiyi adamın yolunda ölümə gedən bir gəncdir. Onu yalnız buraxmamalıyam. Onun alnında yorulmaz və düşmənə arxa çevirməz bir qəhrəmanlığın müjdələrini oxuyuram. O aslan ürəklini nə üçün incitdim? Bəzən həqiqi sevgilər ağıllı və tədbirli adamları belə tədbirsizliyə və ehtiyatsızlığa məcbur etməzmi? Nizami Əmir İnancın saray qapısına yetişincəyə qədər Fəxrəddin barəsində düşünür və onun qəlbini sındırdığı üçün peşmançılıq çəkirdi. Qətibə xanım şairi öz bağçasında qəbul etdi. Nizami hovuzun yanına gəldiyi zaman Qətibə hovuzun kənarında salınmış ipək xalçanın üzərindəki yumşaq bir döşəyin üstündə oturmuşdu. O, yanındakı kağıza nə isə yazırdı. Nizamini görən kimi yaşıl atlasdan tikilmiş donunu yığışdırıb ayağa qalxdı. Ağ və kiçik ayaqlarını topuğuna bağlanmış zümrüd xal-xalların qızıl zəng paraları səslənməyə başladı. Qətibə öz yanında salınmış döşəyi göstərib: – Oturun, möhtərəm şair! – dedi. Şair oturdu, Qətibə isə ondan sonra öz döşəyinin üstündə oturdu və əlavə etdi: – Rahatsız etdiyim üçün üzr istəyirəm. Madam ki, mən bir şairlə tanışam, bu tanışlıqdan da istifadə etməli və öz şeirlərim haqqında məsləhət almalıyam. Mən şairlə tanış olmamışdan əvvəl şeir yazmaqla məşğul idim, lakin şairlə başladığım tanışlıq mənim bu istəyimə daha artıq təkan vermiş oldu. Neçə gündür ki, bir əsərin üzərində işləyirəm. Bu gün haman əsəri şairə göstərmək istədim. Bu gün həm nahar yeməyini birlikdə yeyər, həm də yazdığım şeirlərlə tanış olarsınız. Qətibə bu sözləri deyəndən sonra şairin cavabına imkan vermədi, dərhal öz şeirlərini xalçanın üstündən götürüb: – Şair icazə verirsə, şerlərimdən bir neçəsini oxuyaram, – dedi. Nizami isə: – Buyurub oxuyun! – dedi. Asudə dili budi və xoş şad məra Gəz qəm nəfəsi nəyamədü yad məra Yek ruz bəbazaru qəza bugzəştəm Ma vəqəyi in çinin dər ifda məra. * * * Ey sərvi xuraman sərü saman, kiyi? Vey qibleyi can dilbərü cananu, kiyi? Aləm bətəmaşayi to bər xastə ənd, Axir to əzin miyanə xahanu kiyi?! Nizami Qətibənin yazdığı rübailəri diqqətlə eşidəndən sonra: – Çox təəssüf edirəm ki, siz rübai vəzninin sənətkarı sayılan Məhsəti xanımı görmədiniz. Siz ondan çox şey öyrənə bilərdiniz, – dedi. Qətibə də cavabında: – Səni inandırıram, Məhsəti xanım gələn kimi ondan həm şeir, həm də musiqi dərsi alacağam. Bunu mən Bağdadda dərs oxuduğum zaman arzulayırdım, – dedi. – Mədəni qadın üçün musiqi elmini bilmək birinci məsələdir. Şeir yazmaq isə qiymətsiz bir nemətdir. Sizin sənətkar bir şair və məşhur bir musiqiçi olmağınızı arzu edirəm. Nizami danışdığı zaman Qətibə rübailərə baxıb düşünürdü. Nizami isə Qətibənin onu şeirləri göstərmək üçün yox, başqa bir məqsəd üçün dəvət etdiyini fikirləşirdi. Nəhayət, Qətibə öz qara və cadugər gözlərini Nizamiyə tərəf çevirib dedi: – Mənim qəlbimi oxuya bilsəydin, ancaq o zaman şairləri, xüsusən Nizamini nə qədər dərin və səmimi surətdə sevdiyimi bilərdin. Mən bu sevgimlə hər kəsin şair və hər qızın şeir maraqlısı olmasını arzu edirəm. Bu bir şərəfdir. Lakin bu qədər böyük bir şərəfə nail olmaq çətindir. Şair onun bu gözəl arzularını təbrik edərək dedi: – Dünya bir müsabiqədən ibarətdir. Sanki təbiət insanları bunun üçün də həyat səhnəsinə atmışdır. İnsanların içərisində sənətkar olmayan və qalibiyyət arzusu daşımayan heç bir kəs yoxdur. Hətta ağılsızlarda, məcnunlarda belə üstünlük düşüncələri vardır. Qol qüvvətinə malik olan pəhləvanlarda, ürək və cəsarətə malik olan qəhrəmanlarda, az və ya çox sərmayəyə malik tacirlərdə, bunların hamısından sonra azadpərvər insanlarda da belə bir düşüncə, yəni üstün olmaq düşüncəsi vardır. Bunların hər birisi arzu daşıdıqları və arzularına nail olmaq üçün çalışmaları nəticəsində bir sənətkar hesab olunur. Dediyim odur ki, arzu qələbənin zəminəsidir. Hərgah Qətibə xanım bir musiqi sənətkarı, yaxud bir şair və ədib olmaq arzusunu daşıyırsa, bu qələbənin başlanğıcıdır. Lakin bizim burada saydıqlarımızdan başqa adamlar da vardır. Lakin o cür şəxsiyyətləri təbiət çox az-az yaradır. Bu kimi insanlar nə qol qüvvəti, nə də cəsarət işlədən pəhləvan və qəhrəmanlar deyil. Onlar sənət və qələbəni ticarət və kəsbkarlıqlarda yox, fikir, düşüncə və şüur qüvvətində aramaqdadırlar. Bunlar əşyanın təbiət və həqiqətini aramağa çalışırlar. Siz nə qədər şeir və musiqini sevirsinizsə, hikmət dostları da əşyanın nəliyini təyin etməyi və yaşadığı aləmi öyrənməyi sevir. Bu qəbil insanlar – dünyaya gözü örtülü gəlib, gözü açıq yaşamaq istəyənlər, məncə, insanların ən diqqətlisi və sənətkarı olaraq, nə şair, nə yazıçı, nə tacir, nə pəhləvan və qəhrəmanlardır. Dünyanın ən məşhur adamları bizim bu varlığımızı həddzatında öyrənənlər, insanların düşüncə və zehinlərini avaraçılıqdan qurtara bilən və bəşəriyyətə həqiqi yolu göstərənlərdir. Qətibə şairin söhbətlərindən maraqlandı, o şairi yalnız misraları, qafiyələri bir-birinə uyğun düzən sadə bir şair kimi yox, gənc bir alim kimi tanımağa başladı. O özünü düzəltdi, alnına bağladığı yaşıl ipək dəsmalın düyünlərini sahmana salaraq dedi: – Mən fəlsəfəni heç də sevməzdim. Bu söz mənim savadsız ağzıma yaraşmasa belə deməliyəm ki, fəlsəfə bəzən insanları bədbinliyə düşürə bilər. İnsanın şüurunda avaraçılıq doğa bilər. Doğrusu budur ki, mən səni buraya başqa bir məqsəd üçün çağırmışdım. Lakin söhbətlərimiz elmi bir şəkil aldığından əvvəlki söhbətlərimizi axıra da qoya bilərik. Məncə, buna sən də etiraz etməzsən. Nizami qızın elmi söhbətlərlə maraqlandığını görüb onun sadə bir qız olmadığını təyin etdiyindən: – Heç bir etirazım yoxdur, – dedi. – Dünyada elə adamlar da vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qidalar alırlar. Qətibə söhbətini davam etdirərək dedi: – Bilirsən, möhtərəm şair! Mən Bağdad məktəblərində fəlsəfə dərslərini diqqətlə keçmişəm. Lakin fəlsəfədən kifayətedici bir qənaət ala bilməmişəm, çünki fəlsəfə alimləri də öz aralarında qəti bir fikrə gələ bilməmişlər. Bir çoxları bütün fikirlərin əsas mənşəyini hisslərdə görür, bəziləri də maddədən başqa bir həqiqətin mövcud olmadığı fikirlərini meydana atır, daha başqaları həqiqətə vasil olmadan bütün sərf edilən təlaşları mənfəətsiz görür, fikrində tamamən ümidsizliyə düşür və tədqiqat vasitələrindən ibarət olan fikri qüvvələri tamamilə kifayətsiz hesab edirlər. Buna görə də filosoflardan bir çoxu ilhama qapılaraq, bu sayədə də Allah ilə doğrudan-doğruya münasibət əldə edilməsinə inanmışdır. Bu səbəblə də təbii əşyanı öyrənə bilməyənlər, ilahi və namütənahi yaxud cövhər-vahid deyilən Allahı öyrənməyə və onun nəliyini təhqiq etməyə çalışmışlar. Belə qarışıq fikirlərin bataqlığında qurdalanan və başını sındıran alimlər qəti fikir əldə edə bilmədiyi bir zamanda mənim kimi aciz bir tələbə nə edə bilərdi? Bu qədər dolaşıq fikirlərin içərisindən intixab etdiyim yeganə bir fikir vardırsa, o da ölüm və axirət işlərinin müəmma şəklində qalması və müəyyən edilməməsindən ibarətdir. Filosoflar mənim bu fikrimi özləri üçün təhqir hesab etməsinlər. Onlar həyat dediyimiz sərbəst bir fəaliyyətin bir anda dayanması və hərəkətdən düşməsi səbəblərini bizə göstərə bilmədilər. Dünyanı illərdən bəri anlaşılmaz və həlledilməz fəlsəfə tapmacalarının çuxurlarında üzdürən hikmət xadimləri şüurun, hərəkətin, əlhasil şəxsiyyət və mənəviyyatın bir anda yox olub getməsi səbəblərini az da olsa xalqa söyləyə bilmədilər. Vücudumuzda yaranan əzəmətlər, arzular, əməllər, sevgilər, hətta dərin nifrətlər belə nə üçün birdən-birə heç olur? Nə üçün də hikmətçilər, fəlsəfəçilər həyat dediyimiz bu mənalı varlığın nə olduğunu şərh edə bilmədilər?! Məncə, təhqiqat və tədqiqat üçün götürdükləri yol doğru deyildi. Nizami bağçaya girdiyi zaman tez çıxmağa tələsirdi, cənnət kimi bağça onun üçün cəhənnəmdən daha əzablı idi. Bunun başlıca səbəblərindən birisi Əmirin sarayına gəlib-gedənlərə əhalinin yaxşı nəzərlərlə baxmaması idi. Şairin nifrətinə səbəb olan cəhətlərdən birisi də Rənanın bu əlaqədən razı qalmaması idi. Səba xanım sarayda olduğu üçün böhtan və iftiraları genişləndirə bilərdi. Buna görə də Nizami əvvəlcə bağçadan çıxıb getməyə çalışırdı. Lakin Qətibənin elmi söhbətlərə başlaması şairi məşğul etdi. Ərəb, türk və rum qanından yoğrulmuş bu gözəlin adi bir qız olmaması şairdə dərin bir maraq oyandırdı, o, söhbətin davam etməsinə çalışdı. Nizami Qətibəni dinlədikdən sonra: – Fikirlərinizin bəziləri ilə razılaşa bilərəm, – dedi, – lakin söhbətinizdə razı ola bilmədiyim cəhətlər də vardır. Mən o fikirlərinizdən bir qənaət ala bilmədim. Əvvəlcə, sizin razı qala bilmədiyiniz, daha açığı, sizin üçün müəmma şəklində qalan cəhətlərdən başlayaq: siz deyirsiniz ki, əgər həyat heç olacaqsa, bizim bu qədər arzularımız, əməl və ümidlərimiz və bunlar üçün təlaşımız nə üçündür? Sizin fikrinizi yoran bunlar deyildirmi? Qətibə bir ah çəkərək: – Bəli, bunlardır. Lakin bunlardan başqa mənim həll edə bilmədiyim müəmmalar da vardır. – Sizi düşündürən bütün müəmmaları öyrənib saymaq üçün qəlbə girmək lazımdır. Qətibə bir daha ah çəkərək: – Sən mənim qəlbimə yol tapa bilmisən. Lakin fəlsəfə müəmmalarını həll etmək üçün yox... Nizami bunu eşidərkən qızın hansı pərdədə çalmaq istədiyini dərhal hiss edərək cavab verdi: – Gəlin biz elmi söhbətləri davam etdirək: – Nə sözüm ola bilər? Buyurun, fəlsəfə müəmmalarını həll etməyə çalışaq, bəlkə, bu vasitə ilə mənim də arzularım müəmma şəklindən çıxa bilsin. Şair, sən mənə o ruh dediyin şeyin qaranlıqlarını işıqlandıra bilməyəcəksən, biz ikimiz də bu yolda savadsızıq. Mənə de görüm, insaniyyət, ədalət, həqiqət, dirilik, mənəviyyat hamısı yalandırmı? De görüm, möhtərəm şair, dünyada vücudu doğru olan şey nədir? Bizi qorxudan axirət xəyalı, bir rahətin nəşələrini doğuran cənnət, diri ikən insanın əsabını öldürən cəhənnəm vardırmı? De görüm, gənc şair, onları kimlər gedib gəzdi? Onların varlıq xəbərini bizə kimlər gətirdi? Hərgah hər şey boş, quru bir düşüncədən ibarətdirsə, bu meyl, bu maraq haradan doğur? Hətta ruh dediyimiz şey müəmma deyilmi? Qətibə bunları çox məhzun bir halda şairdən soruşdu. Sevgiyə ümid bağlamayan qızın bədbinliklər içərisində çapaladığını şair çox tez hiss etdi və onun “ruh dediyimiz şey müəmmadan ibarət deyilmi?” sualına cavab verdi: – Həmin sizi yoran müəmmalar, sizin həll edə bilmədiyiniz tapmacaların hamısı sizin ruh dediyiniz şeyin qaranlıqlarından doğmaqdadır. Filosofları, xüsusən Şərq filosoflarını avaraçılıq səhnəsində yoran müəmmaların əsasını da həmin ruh məsələsi təşkil edir. Gözəl qız fəlsəfənin bu qədər dərinliyinə getməməlidir. Ümidsizliyi və bədbinliyi də doğuran haman ruh məsələsidir. Qətibə yenə də sual verdi: – Səni də yoran bu məsələ deyilmi? – Xeyr, bu kimi məsələlər məni nə məşğul edir, nə də fikrimi yormağı bacarır. Məni dinləyin, hərgah vaxtınız varsa, bu kimi fəlsəfələr haqqında mən də öz fikrimi açıq söyləyim. Qətibə tələsik bir halda: – Rica edirəm! Rica edirəm! Mənə bugünkü görüş bir sevgidən alınan nəşədən daha artıq zövq verdi. Bilmirəm, bu kimi görüşlər davam edə biləcəkdirmi? – O, vəziyyətdən asılıdır. Mən də gözəl qızın fikirlərindən zövq aldım. Buna görə də danışmağa icazə istədim. Məncə, hər şeydən əvvəl gözəl qızın fikrini alt-üst edən yeganə bir məsələ vardırsa, o da ölüm məsələsidir. Belə deyilmi? – Həqiqətdə də belədir! – Siz dediniz ki: “Ölüm nədir ki, bütün ucalıqları məhv edir?!”. Bu sualı sizin qarşınızda qoyan haman ölümü düşünməkdir. İnsanlar ölümü düşünə-düşünə bu qədər mövzuları və qarmaqarışıq olan həyat fəlsəfələrinin föhrüstünü düzəldirlər. Doğrudur, bu varlıqda gördüyümüz şeylər cürbəcür və rəngarəngdir. Kainatda gördüyümüz şeylərdə hərc-mərclik vardır, hətta əşyanın cinsi də, şəkli də müxtəlifdir. Əşya o qədər hesabsız və o qədər əhatəedilməzdir ki, onu saymaq və əhatə etmək mümkün deyil, indiyə qədər onu heç bir kəs ölçə bilməmişdir. Zahirdə baxıldığı zaman əşya bir-birinə bənzəməyən bir çox ünsürlərdən ibarətdir. Biz bunların tək-tək adlar verməyərək bir kəlmə ilə ona təbiət deyirik. Lakin sizin və mənim kimi adamlar ona baxanda orada bir ahəng və bənzəyiş görə bilmir. Lakin elm və təcrübəmiz artdıqca bir-birinə bənzəməyən bir yığın əşyanın arasında sıxı bir münasibət olduğunu görə bilirik. Bir-birinə bənzəməyən müxtəlif rəng, müxtəlif şəkilli əşyaya bu münasibəti verən haman təbiət dediyimiz şeydir. Bədbinlərin – “Həyat heçlikdir” – deyə meydana atdıqları fikir tamamilə yanlış bir fikirdən ibarətdir. Çünki həyat dediyimiz şey tək bir şəxsiyyətin həyatı yox, qoynunda yaşadığımız təbiətin həyatı deməkdir. Dünyaya namütənahi deyənlər də yanılırlar. Nəhayətsiz heç bir şey yoxdur. Lakin biz yorulub axıra qədər gedə bilmədiyimiz yollara nəhayətsiz deməyə adət etmişik. Bilmirəm, gözəl qız mənim bu fikirlərim ilə razılaşırmı? Qətibə narazı bir nəzərlə Nizamiyə baxıb belə dedi: – Qismən razılaşdım. Qismən də razılaşdım. Əşyanın arasında bir münasibət olduğuna inana bilmədim. Hərgah həyat təbiətdən ibarətdirsə, hərgah əşyanın arasında bir münasibət vardırsa, nə üçün təbiətin məhsulu olan insanların heç birisində fikir birliyi, zövq, maraq birliyi, ixtisas və əqidə birliyi yoxdur?! Nə üçün bir-birilə münasibətdə olan əşyanın təsirində yaşayan insanlar bir-birinə qarşı mənfi vəziyyət almaqdadır?! Nizami başına hərəkət verərək güldü: – Bu müəmma o qədər asan bir müəmmadır ki, onu bizim kimi savadsızlar da həll edə bilər. Bu barədə dərin bir düşüncə də lazım deyil. Təbiət ancaq hər şeyin işarətini verir, ona əsas mənanı verən bizik. Əqidə və fikirlərin müxtəlif olması məsələsinə gəldikdə o da ictimai mühitdən, bəzən hökumət və din quruluşundan asılıdır. İxtisas və maraqların bərabər olması da mühitin təbii və iqtisadi ehtiyaclarından asılıdır. Təbibə ehtiyacı çox olan məmləkətlərdə insanın təbibliyə olan marağı hər şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq, dərzilik və başmaqçılıqdır. Nə şairlik, nə yazıçılıq, nə hikmət və nə də fəlsəfəçilik insana təbiətin bölgüsündən yox, mühitin ehtiyacından verilən bir ixtisasdır. Lakin bunu da qeyd etmək lazımdır ki, bir insan bacaran işi o biri insan da öz təlaşı nəticəsində bacara bilər. Bunun kimi sevgi də bir təsadüfün nəticəsidir. Burada da xarici bir qüvvətin təsiri yoxdur. Bu gün bir təsadüfün nəticəsində sizi sevən insan, sabah, başqa bir təsadüf nəticəsində başqasını sevə bilər. İndi gözəl qız desin görüm sözlərimdən qənaətləndimi?! Qətibə mövzunu dəyişərək dedi: – İndi ki, şair məni gözəl qız deyə səsləyir, elə isə nə üçün mənə o cür ürək sıxıcı bir məktub göndərmişdir?! Nizami fikrə getdi, çünki o, Qətibəyə heç bir məktub göndərməmişdi. Dərhal Səba xanım tərəfindən təzə bir macəra yaradıldığını anladı və özünə aldırmayaraq cavab verdi: – Bəzən insan birisinə məktub yazdığı zaman müxtəlif hisslərin təsirinə də düşə bilər. Bəzən fikirlər mövzulara təsir yetirir. Şeirdə də belə hallara təsadüf edirəm. Çox zaman yazmaq istəmədiyim mövzular sevimli mövzuları sürüb aralıqdan çıxarır. Mən bundan sonra hər yazdığım məktubu, yaxud hər bir qaraladığım əsəri bir neçə gün saxlayıb sonra oxumağı və göndərməyi qərara almışam. Qətibə heç bir söz demədi, ancaq əlini aparıb kitabın arasından bir məktub çıxarıb Nizamiyə verdi: – Al, oxu. Görünür ki, bu məktubu ikinci kərə oxumadan göndərmişsən. Nizami məktubu alıb oxudu: “Gözəl qız! Siz məni Gəncənin əyyaş gəncləri ilə müqayisə etməyin. Mən gündə bir gənci sevən qızları sevə bilmərəm. İlyas”. Nizami məktubun Səba xanım tərəfindən düzəldilməsinə heç də şübhə etmirdi. O, Səba xanımın macərasız yaşaya bilməyəcəyini bilirdi. Buna görə də onu Qətibənin gözündə qaralamaq üçün dedi: – Mən heç də təsəvvürümə gətirə bilmirəm: bu məktub sizə yazılmadığı halda nə üçün gətirib sizə veriblər. Bəlkə də, bu bir səhv olaraq sizin əlinizə düşübdür. Qətibə sanki yatmışdı, ayıldı və öz-özünə: – Mənim taleyimə bax. Hədiyyələr, xələtlər içərisinə qərq etdiyim bir cariyə də ruhumu zəhərləməyə başlamışdır. Qətibə bunları dedikdən sonra Nizamiyə yalvarıcı bir surətdə dedi: – Rica edirəm, bu məktubu kimə yazdığını söylə! Söylə, məni şübhədən qurtar. – Onu siz tanıya-tanıya nə üçün məndən soruşursunuz? Bu macəra sizdən daha artıq qızıl almaq üçün düzəldilən bir macəradır. Qətibə: – İndi anladım, – dedi, – məktubun məni tamamilə təbii haldan çıxarmışdı, çünki mən gündə bir gənci sevən qızlardan deyildim. Bu məsələni təhqiq etmək üçün səni çağırmışdım. İndiyə qədər etdiyimiz söhbətlərin hamısı bu məsələyə giriş axtarmaq üçün idi. Sənə söyləmək üçün bir çox sözlər əzbərləmişdim. Lakin səni görən kimi onları unutdum. Çünki deyəcəyim sözlərin mövzusu sənin özündən ibarət idi. Qətibə sevgi dastanlarını o qədər də uzada bilmədi. Çünki Əmir və qadını Safiyə xatun nahar yeməyi üçün bağçaya gəlirdilər. Nizami bunları gördüyü zaman qalxıb getmək istədi, lakin nə Əmir, nə də Safiyə xatun razı oldu. Hətta Əmir Nizaminin qolundan tutub dedi: – Qətibənin əziz və möhtərəm qonağı həm bizim üçün, həm də bütün Aran xalqı üçün əzizdir. Siz ölkənin iftixarısınız. Şerinizdən aldığımız nəşələri özümüz üçün xoşbəxtlik hesab edirik. Safiyə xatun da öz növbəsində şairə yanaşıb deyirdi: – Qətibə sizin çox maraqlı bir şerinizi hər zaman mənə oxuyur. O misraların hər birisində sizin böyüklüyünüz nəzərə çarpır. “O gözəl, incə, sevgilərdən şən, Bir çiçəkdir doğuldu şəbnəmdən”. Nə qədər zəngin, nə qədər də maraqlıdır. * * * Qısqanclıq Əmir İnanc süpəhsalar Hüsaməddini yanına çağırıb danışır və deyirdi: – Mən məmləkəti sizin əlinizə tapşırdığım zaman işlərin inanılmış adamlar əlində olduğuna inanırdım. Lakin mənim ümidlərim tamamilə boşa çıxdı. İndi iki həftədən artıqdır ki, xəlifəyə göndərilən qasid qarət olunmuşdur. Lakin siz heç bir təşəbbüs etməmişsiniz. Hacibdən alınan məktubun kimin əlində olmasını təyin edə bilməmişsiniz. Mənim hazırda sizi fəaliyyətsizlikdə təqsirləndirməyə haqqım vardır. Mən özüm qapanıb saray içərisində qalmışam, adamlarım isə eşikdə öz kefindədir. Məmləkətin tamamilə üsyançı xalq əlində qalmasının qeydinə qalan yoxdur. Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. Xəlifənin məktubu düşmən əlinə keçəndən bəri yenə də hər tərəfdə mənim və xəlifənin əleyhinə olan dedi-qodular artmışdır. Bu cür məmləkət idarə etmək olmaz, gedib yaxşı bir düşün. Aran şəhərlərinin hamısında özbaşınalıq hökm sürür, hazırda Kəştasifi, Mahmudabad, Bacərəvan, Bərzənd şəhərləri tamamilə özünü sərbəst hesab edir. Əcəba, siz şəhərlərdən, kəndlərdən döyülüb qovulan məmurların dağılmış başlarını, qaralmış və qançır olmuş üzlərini, ağac və kötəklə sındırılan qabırğalarını gördüyünüz zaman utanmırsınızmı? Əmir, Hüsaməddini o ki, lazımdır danladı, təhqiredici sözlərlə söydü; nəhayət, Hüsaməddin də icazə istəyib danışdı: – Əmirin buyurduqlarının hamısı doğrudur. Məmləkətdə başsızlıq hökm sürməkdədir. Şəhərlərdə, kəndlərdə məmurların döyülüb qovulduğunu da görməkdəyik. Lakin bunların hamısı üçün bizi təqsirləndirmək qismən haqsızlıq, qismən də vəziyyətdən xəbərdar olmamaqdır. Eşikdə baş verən fitnələrin zəminəsi saray içərisindən qoyulmasaydı, biz fitnəçiləri çoxdan bəri əldə edərək cəzalandırardıq. Əmir acıqlandı və oturduğu yerdən qalxıb soruşdu: – Fitnələrin zəminəsi saray içərisindənmi doğulur? – Bəli, saray içərisindən doğulur. Bir halda ki, Fəxrəddinlər yaxın günlərə qədər bütün vaxtını saraydakı cariyələrlə keçirirdi, bir halda ki, Əmir Dilşadı Fəxrəddinlərə vədə verib hər gün öz yanına çağırırdı, o zaman biz fitnəçiləri və qarətçiləri hansı tədbirlərlə əldə edə bilərdik? Bir zamanda ki, Əmirin əzəmətli qızı Qətibə xanım yoxsul bir şairlə əlaqə saxlayır, ona ərə getmək istəyir, bir zamanda ki, Əmir həzrətlərinin özü və möhtərəm xanımı da haman şairlə bir süfrədə nahar meyli buyururlar, o zaman eşikdə olanlar nə iş görə bilər? Biz fitnəçiləri tutub həbsə almaq istəsək, əvvəlcə, Əmirin sarayından başlamalıyıq. Xəlifəyə məktub göndərilməsi xəbərini saraydan Fəxrəddinə xəbər verməsəydilər, xəlifənin qasidinə belə bir rüsvayedici fəlakət üz verməzdi. Əmir təəccüblə sual verdi: – Saraydan xəbər verməsəydilər? – Bəli, saraydan Fəxrəddinə bu barədə məktub göndəriblər. – Onu sən sübut edə bilməzsən, özünü təmizə çıxarmaq üçün başqalarına çirkab səpmə. – Əmir həzrətləri öz nökərlərinə inanmalıdırlar. Hüsaməddin bunu deyərək əlini qoynuna apardı və bir kağız çıxarıb Əmirə uzatdı: – Buyurun, oxuyun! Əmir kağızı alıb ucadan oxudu: “Mənim ruhum Dilşad! Yazdığın məktub yetişdi. Sifarişlərini də aldım. Sənə göndərilən məktuba inanma! Təfsilən yaz görüm, orada nə eşidibsən? Mən heç bir zaman səni atmayacağam. Fəxrəddin”. Əmir Hüsaməddinə sual verdi: – Bu məktub sənin əlinə haradan düşdü? – Məktubu Qətibə xanımın cariyəsi Səba gətiribdir. – Sənin əlinə nə üçün düşüb? – Səba xanım Əmirə olan sədaqətini göstərmək istəmişdir. Məktubu sizə təqdim etmək üçün mənə vermişdir. İndi Əmir həzrətlərinin özü bizim vəziyyətimizi mühakimə etsin. Eşikdəki nökərləriniz nə edə bilərdi? Bütün fitnə və fəsadların səbəbi haman Fəxrəddin və onun yoldaşı Nizamidir. Onların özləri bir kərə Azərbaycan xalqına müraciət edib: “Sakit olun!” – desəydi, məmləkətdə bir nəfər belə cınqırını çəkməyə cəsarət etməzdi. Əmir Hüsaməddinin söz arasında başqa bir söz demək istədiyini və onun qısqandığını dərhal hiss etdi. – Ağlını başına yığ, ərə getmək quru bir sözlə olmaz. Bizim qızımız ərə getdiyi zaman Bağdadın və xəlifənin xəbəri olmalıdır. Bunların hamısı mənim apardığım müəyyən bir siyasətin nəticəsidir. Sən bilirsən ki, Dilşadın da, Qətibənin də məsələsi həll edilmişdir. Dilşad yaxında xəlifə üçün hədiyyə göndəriləcək, Qətibə isə xoşbəxtliyini səninlə quracaqdır. Ona əmin ola bilərsən. Fəxrəddin artıq Dilşadı görə bilməyəcəkdir. Dilşadı bu məktubdan qabaq həbs etdirmişəm. Sənin özün bilirsən ki, bizə kömək gələcək yer yoxdur. Buna görə də qoşun gücü və cəza qanunları işlədə bilmirik. İndi yeganə bir çarə varsa o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. Get işlərinə diqqətlə bax, cariyəm Səba xanımı yanıma göndər. Hüsaməddin baş endirib getdi. Əmir isə onun dalınca acı-acı gülərək dedi: – Axmaq və xəyalpərəst adam, mən qızımı hər sənin kimi sadə bir sərkərdəyə vermək istəsəydim, Fəxrəddin kimi bir qəhrəmana verib öz hakimiyyətimi də onun vasitəsilə möhkəm edə bilərdim. Lakin mən bir məmləkətin hökmdarına layiq olan qızımı hər küçə adamına ərə vermərəm. Səba xanım tovuz quşu kimi bəzəkli bir halda içəri girdi, o cürbəcür macəralarla əldə etdiyi qiymətli daşlarını, inci və mərcanlarını üstünə tökmüşdü. Əmir Səba xanımı birinci kərə idi ki, görürdü. Əmir onun enli ağ çöhrəsinə, qara və məğrur gözlərinə, iki gül yarpağı kimi bir-birinin üstünə düşən dodaqlarına, almazlar içərisində şəfəqlənən incə əllərinə, yaşıl zümrüddən xal-xal taxmış zərif topuqlarına baxdıqca qanı qaynadı və öz-özünə: – Nə qədər zəngin bir gözəlliyə malikdir, – dedi, qalxıb döşəyin üstündə özünü düzəltdi və: – İrəli gəl, gözəl qız! – deyə onun əlindən tutub özünə tərəf çəkdi. Zatən Səba xanım Əmirin hüzuruna dəvət olunduğu vaxt həmin bu arzunu daşıyırdı, bunun üçün də bəzənmiş və zəngin daşlarını üzərinə tökmüşdü. Səba xanım Əmirin bu qədər dərin məhəbbətini gördüyü və arzusuna çatdığı zaman özünü saray cariyələri içərisində birinci xoşbəxt hesab edirdi, çünki Əmir ancaq nadir və fövqəladə gözəlliyə malik olan cariyələrlə əlaqədə olardı. Xacə Müfid əlində aftaba-ləyən Əmirin otağına girdiyi zaman saray cariyələri Səba xanımın böyük bir şərəfə nail olduğunu yəqin edir və dəhlizlərdə gəzib Səba xanımın Əmirin otağından çıxacağını güdürdülər. Xacə Müfid vəzifəsini bitirib aftaba-ləyənlə bərabər eşiyə çıxdığı zaman Əmir İnanc bir daha Səba xanımın dodaqlarından öpərək deyirdi: – Sən mənim cariyələrimin içində ən sevimli və gözəl bir qızsan. Bundan sonra bu kimi şərəflərə tez-tez nail olacaqsan. Ələ gətirdiyin məktubla mənə böyük bir xidmət göstərdin, hər gün görüb və öyrəndiklərini gəlib mənə məlum edərsən. Sənin üçün əlahiddə bir bina hazırlanmasına əmr edəcəyəm, sənə kənizlər, qulamlar və xidmətçilər hədiyyə verəcək, sənin üçün başqa bir saray düzəldəcəyəm. Əmirin bu sözündən sonra Səba xanım özünə məxsus bir sənətkarlıqla qolunu gözlərinə hayil edərək hönkür-hönkür ağladı və tutqun bir səslə dedi: – Əmir həzrətləri öz həqir cariyəsini başqa bir binaya atmaqla öz ziyarətindən uzaqlaşdırır. Mən isə hər saat əmiri görmək və onun şərəfinə nail olmaq istəyirəm. Əmir bir daha onun dodaqlarından öpərək: – Əmin ol, nə qədər ki, bu gözəllik səninlə vardır, Əmirin hüzurunda qazanmış olduğun şərafət də səninlə vardır. Lakin sən bilirsən ki, saray həyatının içərisində hər şeydən artıq həsədlər, fitnələr, dedi-qodular vardır. Səni bunlardan qurtarmaq üçün başqa bir binada rahat yaşatmağı düşünürdüm. Özüm isə daima sənin xariqüladə olan təbiətinin tamaşasına çox tez-tez gələcəyəm. Səba xanım Əmirin dediklərindən yenə də razı qalmadı, çünki o, macərasız, dedi-qodusuz, fitnə və fəsadsız yaşaya bilməzdi. O gözəl olduğu qədər də macəraçı və iftiraçı idi; o, bir gün də olsa, böhtan və iftira toxumadan yaşaya bilməz. Əmir isə onu sarayda saxlamağı imkan xaricində bilirdi, çünki bu hadisədən sonra qadını Safiyə xatunun da məsələyə müdaxilə edəcəyi və Əmirdən narazı qalacağı şübhəsiz idi. Xüsusən Səba xanımdan daha əvvəl Əmirin Səba xanıma verdiyi “şərəfə” nail olmuş başqa cariyələr də var idi. Onlar heç bir vaxt Səba xanımın Əmirin sarayına dünən gəldiyinə baxmayaraq, bu gün böyük şərəf qazandığına soyuqqanlılıqla baxa bilməyəcəkdilər. Lakin bu cür fikirlər Səba xanımı heç də qorxutmurdu, o hər necə olursa, sarayda yaşamağı və üstün bir ad daşımağı düşünürdü. O bilirdi ki, Əmirin xüsusi binalarda yaşayan cariyələri həbsxana həyatı keçirirlər. O, sarayın qilü-qallı və macəralarla dolu olan həyatını xüsusi binalara, qulamlara, cariyələrə, kənizlərə dəyişmək istəmirdi. Səba xanım hələ Əbül-Ülanın evində yaşadığı vaxt qilü-qallı və macəralar içindən süzülüb çıxan həyata öyrənmişdi. O, Əbül-Ülanın özü və qadını Cahanbanu xanımın xəbəri olmadan onların kiçik qızları Mahtab xanımı bir neçəsinə nişanlandırıb hamısından zəhmət haqqı almışdı. Eyni zamanda Mahtab xanımın özü də Səba xanımın macərasından xəbər tutmamışdı. Səba xanım Əmirin sarayına gəldiyi zaman özü üçün həm şöhrət, həm də böyük sərvət qazanmağı düşünürdü. O, Əmirin qızı Qətibəni də Əbül-Ülanın qızı Mahtab xanım kimi istədiyi adamlara göstərmək və istədiyini almaq fikrində idi. Buna görə də onun üçün sarayda yaşamaq xüsusi bir binada yaşamaqdan əlverişli idi. Xüsusən Əmir tərəfindən sevildiyini və “şərəfə” nail olduğunu görüncə, onun şöhrət və sərvət əldə etmək arzuları yeni bir qüvvətlə alovlanmağa başladı. Lakin təzə binaya köçürülmək məsələsi Səba xanımı çıxılmaz bir çərçivə içərisinə salmışdı. Onu ancaq Qətibə bu məngənədən çıxara biləcək idi. Lakin ona ümid bağlaya bilmirdi, çünki Nizaminin adından Qətibəyə yalan məktub gətirdiyi gündən bəri Qətibənin gözündən düşmüşdü. Səba xanım bu acı düşüncənin təsiri altında ilan kimi qıvrılırdı. Lakin yenə də öz qəlbində: – Qətibəni aldatmaq, çox da çətin deyil. Qəlbini bir sevgiyə verən qızlar öz ağıllarını da verirlər. Ağılsızları isə aldatmaq asandır – dedi. Səba xanım Əmirə baş endirib otaqdan çıxdığı zaman Əmir də onun boy-buxununu nəzərdən keçirərək dalınca öz-özünə deyirdi: – Kişilər şəhvətlərinin, qadınlar isə quru şöhrətin əsiridirlər. Mən yüzlərcə bədbəxtin cərgəsinə birisini də əlavə etdim; mənim əlaqədə olduğum cariyələr qadınım tərəfindən bir cinayətkar kimi təqib olunurlar. Səba xanım Əmirin otağından uzun və geniş dəhlizə çıxdı. O, qiymətli xalçaların üzərindən məğrur qədəmlərlə keçdiyi zaman orada qəribə bir mənzərəyə təsadüf etdi. O ancaq dəhlizdə yeridiyi zaman hərəm həyatının bəzi şəkillərini görməyə başladı. Hərəmdə və sarayda yaşayan cariyələrin hamısı başını qapının arasından çıxarıb Səba xanıma baxırdılar. O, dəhlizin hər iki tərəfindən ona zillənmiş gözlərin müşayiəti altında ötüb keçirdi. Cariyələrdən bəziləri isə dəhlizdə gəzir və öz aralarında nə isə danışıb gülüşürdülər. Bunların içərisində Səba xanımdan daha əvvəl Əmirin “şərəfinə” nail olmuş iki gözəl cariyə də var idi ki, onlardan birisi ərəb qızı Zəbyan, ikincisi isə İsfahandan alınmış Gülpeykər xanım idi. Səba xanım dəhlizin yarısını getmişdi ki, birdən-birə gurultulu bir qəhqəhə səsi eşitdi. Gülənlər qapıların arasından baxan cariyələr idi. Bu qəhqəhələr Səba xanımı yerindən tərpədə bilmədi, çünki bu qəhqəhələrin bir həsəd nəticəsində doğulduğunu bilirdi, o bu qəhqəhələri eşitdikdə, özündə bir üstünlük hissi duyur və qürurunu daha da artırırdı. Dəhlizin yarısında Gülpeykər xanım sağdan, Zəbyan xanım soldan Səba xanıma yaxınlaşdılar. Əvvəlcə Zəbyan xanım ona sual verdi: – Xanım “şərəfə” nail ola bildimi? Səba xanım cavab vermədi, məğrur-məğrur onların üzünə baxaraq keçib getmək istədikdə, Gülpeykər xanım ona sual verdi: – Böyük xanım “şərafətə” nail oldumu? Səba xanım onun sözünü cavabsız buraxmayaraq: – Şərəfi ancaq şərəfli olanlar qazana bilərlər, – dedi. Bu zaman qızların birisi Səba xanımın sağ, o birisi isə sol əlindən tutub o biri əlləri ilə də onun nazik çöhrəsini cırmaqlamağa və didməyə başladılar. Onun boynunda və başında olan zinətləri qırıb yerə tökdülər. Üstündəki qiymətli və qumaş libasları cırıb dağıtdılar. Onlar Səba xanımın üzünü didib cırmaqladıqca qapıların arasından baxan cariyələr də bir əlini o biri əlinə vurub: – Bir də! Bir də! Elə ha... Elə ha!.. – deyirdilər. Səba xanımın qışqırtısına bütün saray xalqı dəhlizə yığıldı. Qışqırtı səsinə Əmirin qadını Safiyə xatun və qızı Qətibə də dəhlizə gəldilər. Səba xanımın yanaqları və dodaqları cırılmışdı. Gözlərini və göz bəbəklərini cırmaqlamışdılar. Bir neçə qulam və xacə Müfid Səba xanımı cariyələrin əlindən alıb apardığı zaman belə yenə onlar Səba xanımdan əl götürməyərək, vururdular. Ayıltmaq və yaralarını bağlamaq üçün həkimin yanına apardılar. Zəbyan xanımla Gülpeykər xanımı da hərəm həbsxanasına apardılar. Bu qədər rüsvayçılıqdan və çığır-bağırdan sonra Əmir yenə də qadını Safiyə xatun və qızı Qətibənin yanında bəraət qazandı. Safiyə xatun Əmirin otağına girib acıqlandı: – Sən bu rüsvayçılıqdan nə zaman əl götürəcəksən? Əmir də: – Məsələni layiqincə öyrənmək lazımdır, – dedi. – Hansı məsələni? – Namuslu cariyə böyük bir xəyanətin üstünü açıbdır. Dilşad sarayda olan bütün sirləri yazıb Fəxrəddinə göndərirmiş. Al oxu, gör Fəxrəddin ona öz məktubunda nə yazır. Əmir məktubu çıxarıb Safiyə xatuna verdi və əlavə etdi: – Namuslu qız məktubu mənə təqdim etmək üçün yanıma gəlmişdi. Onu burada saxlayıb müəyyən tapşırıqlar verirdim. Qətibə bunu eşidəndən sonra ağladı: – Yazıq və bədbəxt cariyəm, – deyərək onu yoxlamaq üçün həkimxanaya qaçdı. * * * Həyəcan Xəlifəyə göndərilərkən Fəxrəddin tərəfindən əldə edilən məktubun surəti çıxarılıb divarlara yapışdırıldıqdan sonra kəndlərdə, şəhərlərdə Əmirə qarşı təzə çıxışların xəbəri gəlirdi. Əmir başını itirdi, öz vəziri Toxtamışı hüzuruna çağırıb soruşdu: – Divarlara yapışdırılan məktub haqqında nə kimi tədbirlər gördün? Vəzir Əmirin həyəcanını yatırmaq üçün dedi: – Əmir əmin olmalıdır ki, təhlükənin qarşısı alınmışdır. Əmir təəccüblə, inanmayacaq bir vəziyyət alaraq soruşdu: – Bu qədər böyük təhlükənin qarşısı nə kimi vasitələrlə alına bilər? Görünür ki, sən yenə də məni eşikdəki hadisələrə qarşı iğfal edirsən. Xalqın mənə qarşı yağdırdığı lənətlərini dua və səna şəklində göstərməyə çalışırsan. Toxtamış yenə də xəlifənin müqəddəs naminə and içərək Əmiri iğfal etməyəcəyini söyləyirdi. Əmir isə təhlükənin qarşısının nə vasitə ilə alındığını soruşurdu. Vəzir Əmirin təlaş və həyəcanını söndürmək üçün əlini qoynuna uzadıb bir kağız çıxararaq Əmirə verdi və: – Aran əhalisinə bu məzmunda bir müraciətnamə buraxılmışdır, – dedi. Əmir müraciətnaməni alıb oxudu: “Aran əhalisinə: Bu günlərdə Aranda düzəlmiş gizlin bir təşkilat tərəfindən Azərbaycan istiqlaliyyətinə qarşı xəyanət əli uzanmışdır. Əldə edilən müvəssəq məlumata görə bu təşkilat iş başından qovulmuş farslar və ərəblər tərəfindən düzəldilmişdir. Təşkilatın başında Əmirin sabiq katibi Mühakim ibn-Davud durur. Haman xain, hökumətin xüsusi möhürünü də özü ilə bərabər götürüb gizlənmişdir. Həmin bu təşkilat xalqın nifrətini Əmir hökumətinə qarşı çevirmək məqsədilə gizlin məktublar düzəldib hökumətdən oğurladıqları möhürlə möhürləyir. Buna görə də hökumət Azərbaycan və xüsusən Aran əhalisinə müraciət edib həqiqəti anlatmağı özünə borc bilir. Şəban ayının 25-dən etibarən hökumətin möhürü ilə buraxılan məktub və vəsiqələrin hamısı etibardan saqitdir. Bundan əlavə, Əmir bütün namuslu rəiyyətlərə müraciət edib deyir: “Hər kəs sabiq katib Mühakim ibn-Davudun başını gətirərsə, hökumətdən min qızıl hədiyyə alacaqdır”. Əmir müraciətnaməni oxuyub, təşəkkür izharedici bir səslə dedi: – Ürəyim qismən sakit oldu. Səni bura başqa bir məsələ üçün də çağırmışdım. Məhsəti xanımın böyük bir təntənə ilə şəhərə gətirilməsi də xalqın alovlanmaqda olan nifrətlərinə su səpə bilər. Onun qafiləsi bu gün İsfahan kəndində olacaqdır. Sənə tapşırıram, xalqın məhəbbətini qazanmaq üçün böyük bir istiqbal təntənəsi düzəldərsən. Hökumətə məxsus taxt-rəvanları bəzədib əlli nəfər atlı ilə istiqbala göndərərsən. Qulamlar, cariyələr, bayram libaslarını geyib istiqbala getməlidir. Şəhərin ən görkəmli yerində onun üçün bir bina hazır etdirmək lazımdır. Burası belə... İndi de görüm xəlifəni vəziyyətdən xəbərdar edək, ya yox? Bəlkə də, xəlifə bu hadisələrdən xəbər tutdu, onda biz nə cavab verə bilərik? Toxtamış yenə də başı titrəyə-titrəyə güldü və dedi: – Hərgah Azərbaycan əhalisinə yazdığımız bu müraciətnaməyə ikicə nəfər inanan olsa, onun birincisi xəlifə olacaqdır. Xəlifələrin özləri nə qədər müqəddəs və uca olsalar da, ağıl və düşüncələri də o qədər gödəkdir. Əmir də Toxtamışın sözünü təsdiq edərək əmr verdi: – Mənim ağlıma belə bir tədbir də gəlir. Bir əmrnamə yazıb şəhərlərə göndərmək lazımdır. Əmrnamədə əhaliyə xəbər verməlisən ki, bundan əvvəl məmləkətdən xaricə sürgün edilənlərin hamısına əfvi-ümumi verilir. Hər kəs öz vətəninə qayıda bilər, istiqbaldan sonra heç bir kəs sürgündə qalmamalıdır. Toxtamış bu fikrə razılıq verməyərək dedi: – Əmir həzrətləri bu fikrin nəticəsində nadinclərin artmasına çalışmış olacaqdır. Əmir isə onun bu sözlərinə cavab verib: – Nadinclər şəhərin içindədir, gözümüzün qabağındadır. Sürgündə olanların əksəriyyəti isə nadinclərin gözünü qorxutmaq üçün sürgün edilmişdir. Sən məni eşit, bu təşəbbüslər xalqa verdiyimiz istiqlalın doğru olmadığı barəsindəki şübhələri dağıdar. Fürsət əlimizə keçəndən sonra sürgündən gələnləri yenə də həbsə ala bilərik, lakin bu dəfə sürgünə deyil, başqa bir yerə göndərərik. O ki qaldı Dilşadın məsələsinə, zənnimcə, Fəxrəddini iştibahə salmamaq üçün Dilşadı həbsdən azad etməliyik. Vəzir bir az fikir edəndən sonra başını qaldırıb çox yavaş bir surətdə pıçıldadı: – Dilşadla Fəxrəddinin yazışması işindən şübhələnirəm. Burada başqa bir əlin iştirak etdiyini zənn edirəm. Bu barədə dərin düşünmək lazımdır. Bu işdə işləyən üçüncü əlin sahibi saray içərisindədir. Onun son zamanlar Əmir tərəfindən şərəfə nail olmuş Səba xanım olduğundan şübhələnirəm. Onun barəsində yığdığım məlumat mənim bu fikirlərimi doğruldur. Əmir təəccüblə: – İnana bilmirəm, – dedikdə, vəzir öz fikrini bir daha açıq dedi: – Sizə gətirilən məktubun Fəxrəddin tərəfindən yazıldığı şübhəsizdir. Lakin Dilşadın Fəxrəddinə məktub göndərməsi şübhə altındadır. Sizə sual verirəm, nə üçün Fəxrəddin Dilşada göndərdiyi məktubu Səba xanımla göndərdi? Məktubda yazılır ki: “Yazdığın məktub yetişdi. Sifarişlərini də aldım. Sən təfsilən yaz görüm, orada nə eşidibsən? Mən heç bir zaman səni atmayacağam”. İndi buradan məlum olur ki, sifarişləri aparan haman Səba xanımdır. Bu bir. İkinci də, Fəxrəddinin Dilşada yazdığı “təfsilən yaz görüm, orada nə eşidibsən?” sözləri də Dilşada Fəxrəddinin dilindən düzəldilmiş bir məktub olduğunu nişan verir. Heç şübhə yoxdur ki, hərgah belə bir məktub düzəldilmişdirsə, yenə də Səba xanımın tərəfindən düzəlmişdir. Üçüncüsü də budur ki, Səba xanımla Fəxrəddinin Şeyx Saleh məqbərəsində saatlarca danışdıqlarını görüb mənə xəbər gətirmişlər. Dördüncüsü də, Səba xanımın Fəxrəddinlə keçmişdə sevgi əlaqələri bəslədiklərini nəzərə almaq lazımdır. Bütün bu macəra Səba xanımın Fəxrəddindən intiqam almaq fikirlərindən doğmuşdur. Əmir həzrətləri qoca vəzirin məsləhətlərini eşitməli və Səba xanımın yaxasını buraxmalıdır. Hərgah onun əxlaqı düzgün olsaydı, o qədər xariqüladə bir gözəlliyə malik olan qızı, üç min dirhəm gümüş pula verməzdilər. Əmir bir az düşünəndən sonra: – O qız yonulmamış bir almaz parçasıdır, – dedi. Toxtamış Əmirə təzim edib gedəndən sonra, Əmir xacə Müfidi çağırıb Dilşadın hüzura gətirilməsini əmr etdi. Xacə Müfid Dilşadı Əmirin hüzuruna gətirdi, lakin onu Əmirin otağında yalnız buraxmadı. Çünki Əmir bəzən xəlifə üçün alınan cariyələrə də təcavüz edər və nəticədə “qız xəstəlikdən öldü” – deyə xəlifəyə məlumat verərdi. Dilşad çox zəif idi. Üzü, səhər açılaraq axşam vaxtı solmağa başlayan gül yarpağı kimi təbii rəngini itirmişdi. O, ayaq üstündə dura bilmirdi. Buna görə də Əmir onu tez buraxmaq üçün qısa suallar verirdi: – Sən Fəxrəddinə məktub göndərmişdinmi? – Mən heç vaxt və heç kəsə məktub göndərməmişəm. – O sənə məktub göndərmişdirmi? – Göndərməmişdir. – Sən ona sifariş göndərmişdinmi? – Əmirin başına and içərəm ki, nə məktub, nə də sifariş göndərmişəm. Hərgah belə hadisə vardırsa, mənim əleyhimə düzələn iftiradır. – Mən səni həbsdən azad etməyi əmr etmişəm, sabah qızım Qətibə ilə taxt-rəvana oturub şairə Məhsəti xanımın istiqbalına gedəcəksən. Əmir bunları dedikdən sonra xacə Müfidə: – Bunun bütün zinətlərini özünə qaytar! – dedi. * * * İstiqbal Məhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o bir başı isə Gəncənin yaxınlığındakı Xanəgah kəndində dayanmışdı. Gəncə şəhəri belə bir təntənəli istiqbal mərasimini ancaq hicrətin 511-ci illərində, Soltan Səncər birinci kərə Gəncəyə gəldiyi gün görmüşdü. İstiqbal edənlər bir neçə dəstələrə ayrılmışdı, bunların içərisində nəzəri-diqqəti cəlb edə biləcək dəstə, yalnız şairlərin, yazıçıların, oxuyan və çalanların, ümumiyyətlə incəsənət xadimlərinin dəstəsi idi. İstiqbala gedən kişilərin hamısı atlı idi. Ən qabaqda atlı dəstələrinin önündə şair Nizami və onun uşaqlıq və gənclik yoldaşı Fəxrəddin gedirdi. Bayraq və tuğ yox idi, lakin silahlı dəstələr səfərə çıxmış bir ordunu andırırdı. Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedir və hər kəsin nəzərini özünə cəlb edirdi. Xalqın nəzərini cəlb edən ən maraqlı dəstə Məhsəti xanımın şagirdləri tərəfindən düzəldilmiş dəstə idi. Bu dəstədə gedənlər öz musiqi alətlərini də yanlarınca götürmüşdülər. Ud, kamança, dəf və sairə götürənlərlə bərabər Məhsəti xanımın rübailərini əzbərləyib oxuyanlar da tez-tez gözə çarpırdı. At və kəcavə ilə istiqbala gedənlərdən başqa piyada gedənlər də var idi. Yolun iki tərəfində gedən gəlin və qızların dəstələri düzləri lalə zəmisi kimi qızartmışdı. İstiqbala gedənlər yalnız gəncəlilərdən ibarət deyildi, Tiflisin altından başlayaraq Şəmkir, Yurt, Ağsivançay, Yam və sair kəndlərin camaatı da təntənəli istiqbalda iştirak edirdi. Lakin hökumət tərəfindən düzəlmiş istiqbal dəstəsi nə qədər təntənəli olursa olsun dəstələrin dalınca gedirdi. Hüsaməddin ətrafında bir dəstə hökumət atlısı olaraq hökumətin düzəltdiyi istiqbalçı dəstəni idarə edir və xalqın Məhsəti xanıma qarşı göstərdiyi bu məhəbbətin hökumətə qarşı bir nümayiş olduğunu düşünürdü. O, Məhsəti xanımın Gəncəyə qayıtması üçün hökumətin verdiyi qərarı böyük və siyasi bir səhv hesab edirdi. Çünki bu istiqbal xalqı hökumət düşmənlərinin ətrafında səfərbər edirdi. Gəncə şəhəri tamamilə boşalmışdı. Şəhərdə qalanlar yalnız ruhanilər və onların müridləri idi. Gəncədə qalanların əksəriyyəti vaxtilə Məhsəti xanımın Gəncədən köçürülməsində iştirak edənlər, ona daş atanlar və tüpürənlər idi. Bələləri sübh namazını əda etmək üçün Səncər və Səlcuq camelərinə gedib günorta azanına qədər məsciddən kənara çıxmamışdı. Onlar kafirliyin qaranlığına bürünmüş dünyanın işıqlığa çıxması üçün Allaha yalvarır və ağlayırdılar. Zahirdə hökumət tərəfindən təqib edilən müridlər isə evlərinə qapanaraq bu təntənənin gurultularını eşitməməyə çalışırdı. Dəstələr irəliləyirdi. Hər kəs irəli keçərək Fəxrəddin və Nizamini görməyə can atırdı, danışıqlar ancaq bu iki simanın ətrafında gedirdi. Hər kəsin ağzından bu sözləri eşitmək olurdu: – Birisinin kəskin şeri, o birisinin isə kəskin qılıncı vardır. – Birisinə müharibə meydanında, o birisinə isə ədib və yazıçılar, şairlər və alimlər məclisində tamaşa edəsən. Gəncənin bazar-dükanı tamamilə bağlanmışdı. Məlikşah meydanının ətrafındakı hücrələr, hətta Məsudiyyə karvansarasındakı alış-verişçilər də istiqbal dəstəsindədir, çünki bu dəstənin başında xalqın sevdiyi Nizami və Aran mülkünün qəhrəmanı Fəxrəddin gedir. – Mən bunlarla bərabər ölümə gedərəm, çünki bunlar özləri üçün yox, xalq üçün canlarından keçən adamlardır. – Onların xalq üçün canlarından keçməsi kifayət deyil, xalq da bunların yolunda canından keçməlidir. Hökumət və əyanların ailəsinə mənsub olan taxt-rəvanlar hamıdan dalda, hökumət atlılarının mühafizəsi altında gedirdi. İçərisində dəbdəbəli xanımlar əyləşən taxt-rəvan və kəcavələrin ipək pərdələri gah qalxıb, gah da örtülürdü, oradakılar bu təntənəyə tamaşa etmək istədikləri kimi istiqbalçı gənclərdən də bir çoxu orada oturan qızları və xanımları görməyə çalışırdı. Qətibə əyləşən taxt-rəvanın yanına sürüb Qətibə ilə danışmaq istədi. Qətibə pərdəni örtmək istərkən, Hüsaməddin: – Bir sualım vardır. Rica edirəm, pərdəni salma! – dedikdə Qətibə dayandı. – De görüm, nə sualın vardır? – Siz yenə də hər gün meşəyə gedirsinizmi? – Hər gün yox, lazım olduğu zaman. – Haman söyüd kötüyünün üstündə oturmağa davam edirsinizmi? Qətibə son sualdan güldüyü zaman Hüsaməddin acıqlandı: – Bu sualda gülməli nə vardır? – Bu sualın əvvəldən axıra qədər gülməlidir. Sən elə bilirsən ki, məni maraqlandıran haman söyüd kötüyüdürmü? Mən haman kötüyü yox, onun üstündə yaradılan bədii bir dünyanı sevirəm. O dünyanı yaradan xaliqi sevirəm. Əcəba, sağlam hissedici bir qəlbə malik olan hər bir insan o bədii aləmlə maraqlanmazmı? Ondan aldığı mənəvi qidaları öz qanına buraxmazmı? – Yetər-yetər, bu kimi sərsəriyana fikirlərə malik olduğunuz böyük ailənin şərəfi üçün bir ləkə deyildirmi? – Hüsaməddin, çox təəssüf edirəm ki, mənim bu sevgim birtərəflidir. O mənim sevgimə müsbət bir cavab versəydi, dünyada bir kəsə məlum olmayan bizim ailəmizi bütün ölkələr tanıyacaqdı, ancaq o zaman bizə şərəfli bir ailə demək olacaqdı. – Bu təbii bir haldır. O səni sevmədiyi üçün də sən onu sevirsən. Qızlarda bu xasiyyət bir xəstəlikdir. Həmin bu xəstəlik nəticəsində qızlar həqarətə boyun əyir, izzəti-nəfsini və şərəfini uduzur. Qətibə yanıqlı bir halda dedi: – Zənn edirəm ki, sənə qəti cavab verməyimin zamanı gəlmişdir. Bir kərə onu bilməlisən ki, sənə bəslədiyim ehtiram sənin atamla olan sıxı əlaqənin səbəbinədir. Əks surətdə sənin qabalıqlarını heç bir zaman həzm edə bilməzdim. Sən elə düşünmə ki, bu ehtiram səninlə ailə qurmaq düşüncəsinə kömək edə bilər. Qızlar sevdiyi üçün xəstə hesab olunmur, səlahiyyətli və məşhur adamları sevmək, yüksəkliyə çatmaq üçün atılan birinci addımdır. Həqarət və şərəfsizlik, qadının istehzalı gülüşlərini sevgi nişanələri kimi təbir etmək imkan xaricində olan işləri əldə etmək və xəyalpərəstlik etməkdən ibarətdir. Sən o şairi çox da həqir hesab etmə; o, gəncdir, fəqət bizim kimi gənclərdən deyil. O, gəncdir, lakin bir alim qədər yaşlıdır. Sən onunla oturub danışmamışsan, onun simasında sənin və mənim şüurumun əhatə edə bilmədiyi bir əzəmət vardır. Onun həyata aid düşüncəsi, onun təbiətə dair nəzəriyyələri, onun fəlsəfi görüşləri ölçülməyəcək qədər böyükdür. Onun təbiətindəki kübarlıq, onun başında və fikrində yer tutan əyilməzlik dünyanın heç bir qəhrəman və heç bir hökmranında ola bilməz. O sadə bir şair deyil, o həyat təcrübələrini dərk etmiş olan və insanların ruhunu oxuya bilən bir ruhiyyatçı qədər mahirdir. Sənə gəldikdə sadə, savadsız, keçmişi unudan, gələcəyi xatırlamayan bir adamsan. Sən bir əsgərsən, tək bir qılıncın vardır. O kimi qılınclar isə bir hökmdarın kölgəsində işlədiyi zaman insana ad qazandıra bilər. Əks təqdirdə o sadə bir dəmirdir. O pas alar, qaralar, korlaşar, dəmirlik qiymətini də itirə bilər. Lakin sənin həqir saydığın gənc şairin yaratdığı şeirlər xalqın dilində əzbərləndiyi və oxunduğu üçün getdikcə seyqəllənir və parlayır. Bunun üçün də sənin o şairə ədavət bəsləməyin artıqdır. Çünki o gənc heç bir vaxt mənə sevgi elan etməmişdir. Bir də budur ki, əbəs yerə mənim sevgimə mane olursan. O şair məni rədd etsə belə, sən mənim sevgimlə xoşbəxt ola bilməyəcəksən. Hələlik o məni sözləri və hərəkətlərilə təhqir etmişdir. O, mənim qəlbimi sındırmamışdır. Sənin onu cəzalandırmaq fikrin də boş fikirdir, çünki onun arxasında Aran məmləkətinin məşhur qəhrəmanı Fəxrəddin durmaqdadır. Bəlkə də, bir gün gələcəkdir ki, mənim özüm o şairi cəzalandırmağa məcbur olacağam, o zaman mənim bu fikrimə kömək etmək istəsən, təşəkkür edirəm. Lakin hazırda onu təhqir etmək, məni təhqir etmək kimidir. Sənə bir kərə demişəm, yenə də deyirəm: qəlbin hansı bir qızı sevirsə, məndən gizlətmə. Sevdiyin harada və kimin əlində olursa, ələ gətirməyi öhdəmə götürürəm. Hüsaməddin öz tövrünü dəyişərək: – Məni öz sözlərinizlə təhqir etməyin. Mən xəyalpərəst və istehzalı gülüşlərə sevgi mənası verən adamlardan da deyiləm. Mən sizin öz sevgi işarəsi verən hərəkətlərinizə və Əmirin mənə verdiyi vədlərə əsasən öz sevgimi elan etmişdim. Mən sizin ehtiramınıza da möhtac deyiləm. Sizdən məni evləndirməyi də rica etmirəm. Məni Fəxrəddinlə qorxutmayın. Hərgah mən o şairi məhv etmək istəsəm, Fəxrəddinləri hesaba almaram. Sağlıq olursa, kimin adlı-sanlı qəhrəman olduğunu görərsiniz. Hələlik Azərbaycan məmləkəti Hüsaməddini tanıyan qədər Fəxrəddini tanımamışdır. Qətibə etidalını pozmayaraq Hüsaməddinin cavabını verdi: – Mən sənin qəhrəmanlığını əlindən almaq və inkar etmək istəmirəm, lakin sənə demək istəyirəm ki, bir qəhrəman alınmaz bir qalanı fəth edə bilərsə də, bir qəlbi fəth edə bilməz. Xüsusən bir qızın, hətta səni sevməyən bir qızın qəlbini... Hələlik sənin qəhrəmanlıq tarixinin səhifələrində qalalar fəth etmək hadisələri də qeyd olunmamışdır. Ağlını başına yığ, Səba xanımın dediyinə görə şairin sevdiyi Rənanı sən də sevirmişsən. Mən Səba xanımı bu işin üstünə salaram. O qız hər şeyi bacarar, qızın ata-anasını da razı edər. Hüsaməddin etirazla dedi: – Yox, Qətibə, siz belə məsləhətləri mənə verməyin, siz bu xidməti mənim xatirim üçün deyil, şairi sevgilisindən ayırıb öz sevginizə bağlamaq üçün mənə təklif edirsiniz. Siz məni inkar etsəniz belə yenə də məndə qəhrəmanlığa məxsus bir düşüncə vardır. Hərgah şair qızı sevirsə, qoy sevsin, mən başqasının sevgisinə mane olmaq istəmirəm. Öz sevgimi başqa sevgilərə dəyişmək istəmirəm. Səba xanımın iş düzəltməsinə gəldikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. O əvvəlcə Əbül-Ülanın qızı Mahtab xanımdan mənə məktub aparıb gətirirdi. Nəhayət, məktubların özü tərəfindən düzəldiyini bildim, bundan əli üzüldükdən sonra özü mənə sevgi elan etməyə başladı və Mahtab xanım məsələsində məndən əldə etdiyi hədiyyələri özümə qaytarmaq istədi. Lakin mən ona dedim ki, Qətibəni sevirəm, o zaman o sizin barənizdə də mənə ümidlər verdi, mən də ona inandım, çünki sizin öz hərəkətləriniz də mənə haqq qazandırırdı. Sonralar o sizin yanınıza gələndən sonra mənə Rənanı tərifləməyə başladı, hətta o qızdan mənə məktublar da gətirdi, ancaq mən daha ona inanmadım, çünki son oyunların Qətibə tərəfindən təşkil olunduğunu bilirdim. Dilşadın bədbəxtliyinə də səbəb sizin Səba xanım oldu. Fəxrəddinə məktub göndərərək onu iğfal edib, Dilşada məktub gətirmək macərası da onun işidir. Lakin o, bu oğlanı o qızla, o qızı bu oğlanla birləşdirmək istərkən, özü Əmir həzrətləri ilə birləşdi, özü Əmirin hərəmləri cərgəsinə daxil oldu. Qətibə ona acıqla qışqırdı: – Kəs səsini! Bu sözü bir də danışma, yoxsa anam eşidib özünü öldürər. Mənim atam xəlifənin damadıdır, Səba kimi cariyələri öz şərəfinə nail etməz. Sən ancaq öz sevgi düşüncələrini buraxdıqdan sonra mənim mərhəmət və mükafatıma nail ola biləcəksən. Sən məndən umduğun sevgiyə nail ola bilməyəcəksən. Bu kimi fikirlər, bizim tanışlıq və dostluğumuzu da məhv edə bilər. Mənim bir tərəfim ərəbdir. Ərəb qızının sözü bir olar. Sənə bir kərə “yox” demişəm, yenə də deyirəm: yox! Hüsaməddin də qəti olaraq dedi: – Mən də sizə deyirəm: nə babanız xəlifədən, nə də atanızdan qorxuram. Sizə elan edirəm: yeddi padşahın birisindən boşanıb o birisinə getsəniz də, sizi xoşbəxt olmağa qoymayacağam. Qətibə, siz bu sözümü unutmayın, siz mənim olmasanız da, heç kəsin də olmayacaqsınız, sizin xoşbəxtliyiniz mənə qismət olmazsa, bədbəxtliyiniz mənim əlimlə olmalıdır. Qətibə bunun cavabında: – Heç kəsin əlində olmasam belə, sənin əlində də olmayacağam; gəl ikimiz də öz iqbalımızı sınayaq, – dedikdə, Hüsaməddin də: – Eybi yoxdur, gəlin sınayaq, – deyərək atın başını çevirdi. Qətibə də taxt-rəvanın ipək pərdəsini saldı. * * * Fəxrəddin Dilşadın taxt-rəvanla Məhsəti xanımın istiqbalına getdiyini eşidib sevindi. Onunla çoxdan görüşməmişdi. Səba xanımın düzəltdiyi macəranı aydınlaşdırmaq üçün özü Dilşadla danışmaq istəyirdi. Nizamidən ayrılıb gerilədi. Atın başını taxt-rəvanlar gedən tərəfə çevirib Dilşadın taxt-rəvanını axtarırdı. Ən geridə gedən taxt-rəvanın abı atlas pərdəsi qalxdı, oradan bir əl eşiyə çıxıb yaxına gəlmək işarəsi verincə, Fəxrəddin həmən əli qolbağından tanıdı və atını irəli sürdü. Dilşad pəncərədən Fəxrəddini görüncə ağladı və: – Ah, Fəxrəddin! Sən mənim üçün nə işlədin?! – dedi. Fəxrəddin onun cavabında dedi: – Özünü ələ al, mənim ruhum, vaxt azdır, məsələni aydın etmək lazımdır. Sən onu bil ki, o məktubu sənə mən yazmışam. – Hansı məktubu? – Mənə göndərdiyin məktuba cavab olaraq yazdığım məktubu. – Mən heç vaxt səndən məktub almamışam. Sənə məktub da göndərməmişəm. – Sən Səba xanımla mənə sifariş göndərməmişdin? – Mən Səba xanıma heç bir söz deməmişəm, sənə də sifariş göndərməmişəm. Sən nə fikirlə ona inanıb məktub verdin? Haman məktubu gətirib Əmirə verdilər. Neçə müddətdir ki, həbsdəyəm. O həyasız cariyə məni məhv etdi. Sən onun sevgisini rədd etdiyin üçün, o, sənin intiqamını məndən aldı. Bu sözlərdən sonra Fəxrəddinin damarlarında qan qaynamağa və beyni alovlanmağa başladı, eyni zamanda ağılsız və sadə bir hərəkətdə bulunduğu üçün utanmağa və öz-özünə nifrət etməyə başladı. O, yalnız qısa bir cümlə ilə: – Məni bağışla, Dilşad, – dedi, – hər nə olubsa keçibdir, indi artıq kədərlərin və ayrılıqların sonu yetişmişdir. Dilşad ah çəkdi: – Ah, Fəxrəddin, sən yenə də aldanırsan. Kədərlər və ayrılıqlar ancaq indi-indi başlanır. Əmir fürsət əldə edən kimi məni xəlifəyə göndərəcəkdir, sən bunu anlaya-anlaya həm məni, həm də özünü iğfal edirsən. – Sən Əmirin bir də müvəffəqiyyət qazanacağına inanma. Hökumət Eldəniz oğlanlarının əlində möhkəm olsa belə Əmir İnancın hökumət başında qalacağına inanmıram. Onlar hökumətlərinin gələcəyini təmin etmək üçün iş başına öz adamlarını qoymağa çalışacaqlar. Səlcuq şahzadələri, dövlətlərinin süqut etdiyinə baxmayaraq, Kirmanda, İraqda, hətta Musildə belə hökumət düzəltməyə başlayıblar. Buna görə də Eldəniz oğlanları ehtiyatla hərəkət etməyə məcburdurlar. Onlar səlcuqlar dövründən Azərbaycanda hökumət sürən adamları, heç şübhə yoxdur ki, iş başında qoymazlar. Hazırda Şərq ölkələrində baş verən siyasi hadisələr də bizə xoşbəxtlik ümidi verir. Çünki xəlifə səni əldə edənə qədər yaşaya bilməyəcəkdir. Dilşad yenə də Fəxrəddinin verdiyi ümidlərə inana bilmədi və: – Fəxrəddin, xoşbəxtlik üçün hadisələrdən ümid gözləmək sadəlikdir, – dedi. – Məni gözləməkdə olan bədbəxtlik çox yaxındır. Hərgah mənə nicat vermək fikrin varsa, məni saraydan götürüb bir tərəfə qaçır. Biləks vaxt keçir. – Əmin ol, bizim bədbəxtliyimizə səbəb olmaq istəyənlər xoşbəxt olmayacaqlar. Mən bu xoşbəxtliyi onların qəbirləri üzərində quracağam, mən səni saraydan bir oğru kimi yox, bir qəhrəman kimi azad edib Biləqana göndərəcəyəm. Sən öz ata-ananı görüb, bütün kədərlərini unudacaqsan. Dilşad, yalnız sən deyilsən, mən sarayın o mənhus hasarını yıxıb yüzlərcə bədbəxti oradan qurtaracağam. Sən mənə inan. O hasarı, o təntənəli, fəqət zülm və sitəmlərlə dolu olan sarayı yıxıb yerində qəbiristan yaratmasam, mən Fəxrəddin deyiləm. Mən sənə nicat verməklə yüzlərcə bəzəkli və qiymətli daşlara donatılmış əsirlərin boynundakı o gözəgörünməz zəncirləri də qıracağam. Ancaq sən bunu bir kimsəyə danışma, saray xalqı əsir olsa da, gözəgörünməz sitəmlərin altında əzilməklə bərabər yenə də qorxulu xalqdır, çünki orada rahat yaşamaq üçün başqasının rahətini əlindən almağa məcburdurlar. Oradakı xoşbəxtlik ən iyrənc bir bədbəxtliyin üzərində qurulubdur. Dilşad Fəxrəddinin bu sözlərini təsdiq edərək dedi: – Doğrudur, Fəxrəddin. Orada qısqanclıq və intiqam fitnələrindən başqa heç bir şey yoxdur. Xüsusən Əmir tərəfindən sevilən cariyələr Əmirin baş hərəmi Safiyə xatun tərəfindən təhqir edilirlər. Sən onu bil ki, cariyələrin sarayda eşitdiyi söyüşləri dünyanın ən ədəbsiz və əxlaqsızlarının ağzından da eşidə bilməzsən. Məni bağışla, Fəxrəddin, sarayda fahişə olmayanlar belə fahişə həyatı keçirirlər. Onlar Əmirin şəhvətini coşdurmaq və “şərəfə” nail olmaq üçün cürbəcür oyunlar düşünməyə məcburdurlar. Burada yaltaq olmamaq da çətindir. Xacə Müfiddən başlayaraq ən adi bir xidmətçiyə qədər hamının cariyələr üzərində hökmü vardır. Çünki onların Əmirə apardığı xəbərlər ancaq özlərinin düşünüb toxuduqları xəbərdir. Sarayda söz gəzdirməyən, yalançı olmayan, bir-birini satmayanların yaşaması mümkün deyil. Safiyə xatun məni ərinə qısqandığı üçün, öz xüsusi xacəsi Zürrəsi mənim üzərimdə gözətçi qoymuşdur. O, çox iyrənc bir ərəbdir, onu hər dəfə gördükdə bayılmaq dərəcəsinə gəlirəm. İndi özün düşün gör mən nə qədər iyrənc bir adamın iradəsindən asılıyam. Sən mənim bu həyatıma acıyıb onu dəyişdirməsən, mənim intihar etməkdən başqa bir çarəm qalmayacaqdır. Fəxrəddin yenə də Dilşada ümidlər və vədlər verib ayrıldı, çünki daldan gələn olduqca təntənəli bir taxt-rəvan yetişmək üzrə idi. Bu taxt-rəvanı dörd nəfər atlı gətirirdi. Sonradan məlum oldu ki, bu taxt-rəvanda Səba xanım gəlirmiş, onu müşayiət edən atlılar isə Əmirin xas atlıları idi; bununla da hər kəs Səba xanımla Əmirin arasında qırılmaz bir əlaqənin mövcud olduğunu təyin etdi. Saraydan istiqbala gələnlərin çoxu Səba xanımın yenə də təzə bir macəraya hazırlandığını düşünür və qorxurdu. Pəncərə açıq olduğundan Fəxrəddin Səba xanımı tanıdı. Səba xanım ona əhəmiyyət vermədi, çünki onun Dilşad ilə görüşdüyünü görüb macəranın ifşa edildiyini anlayırdı. Səba xanım bunun üçün də taxt-rəvanını Dilşadın oturduğu taxt-rəvanın dalınca sürüb, onun kimlərlə danışdığını təqib edirdi. O, Fəxrəddinin atının başını görüncə qorxusundan bədənindəki damarlar belə çəkişməyə başladı. Çünki o, ifşa edilmiş xəyanətin Fəxrəddin tərəfindən əfv edilməyəcəyini bilirdi. O, Fəxrəddinə qarşı tutduğu etinasız vəziyyətini davam etdirə bilmədi. Atlılardan birisini Fəxrəddini çağırmaq üçün göndərdi, lakin Fəxrəddin onun dəvətinə etina etmədi. Nizaminin başında gedən istiqbal dəstəsi “Əli bulağı” adlı çeşmənin yanında Məhsəti xanımın karvanı ilə qarşı-qarşıya gəldi. Qabaqca Nizami ilə Fəxrəddin atlarından düşdülər. Bir anda Məhsəti xanımın oturduğu taxt-rəvanı yüzlərcə şairlər, yazıçılar, musiqiçilər, şeir və musiqi həvəskarları aralığa aldı. taxt-rəvan Məhsəti xanımın şagirdlərinin və dostlarının gətirdiyi gül dəstələrinin içində qaldı. taxt-rəvan dayandığı vaxt istiqbalçılar onu musiqi tərənnümləri ilə salamladılar. Fəxrəddin ilə Nizami onun qolundan tutub taxt-rəvandan düşürdülər. Məhsəti xanım qollarını Nizaminin və Fəxrəddinin boynuna salıb onları öpdü və: – Mənim dünyada bundan şad bir günüm olmamışdır, – dedi və həyəcandan səsi tutuldu. Bir azdan sonra yenə də sözünü davam etdirib dedi: – Daima ölümlə mübarizə aparır və üstümə gələn əcəli qapımdan qaytarırdım, çünki mən bir an da olsa öz vətənimdə azad bir nəfəs almaq və dostlarımla danışıb, görüşüb ölmək istəyirdim. Bu arzum yerinə yetdi, indi ölsəm də dərdim yoxdur. Mücirəddin Məhsəti xanıma çox diqqətlə baxırdı; çünki hökumət onu Gəncədən sürgün etdiyi zaman saçlarında ağ tüklər çox az idi. İndi isə onun saçları tamamilə ağarmışdı. Qara ipək donunun üzərinə tökülmüş ağ və təmiz saçları bu qoca şairənin gözəlliyində yeni və gənc bir mənzərə açırdı. Buna görə də Mücirəddin ona yazdığı şerində deyirdi: Bu şux nəvəd salədə halət yenə qalmış, Geysuyi-səfidində təravət yenə qalmış.1 Hökumət tərəfindən istiqbala gələn dəstə yetişdi. Hüsaməddin atından düşüb Qətibənin taxt-rəvanına yanaşdı. Qulamlar dərhal pilləkəni qoydular, Hüsaməddin taxt-rəvanın qapısını açaraq Qətibəni endirərkən, taxt-rəvanın ətrafına yığışanlar, ipək və qiymətli xalçalarla bəzənmiş bir qəfəsin içindən bəzəkli bir tovuz quşunun endirildiyini zənn edirdilər. Qətibə taxt-rəvandan ayağını yerə qoyduğu zaman onu yüzlərcə kəniz və cariyə aralığa aldı. Qətibə Məhsəti xanım duran yerə qədər kənizlərin və cariyələrin içərisində gəldi. Bir neçə qədəm qalmış onlardan ayrılıb Məhsəti xanıma yanaşdı. Əvvəlcə baş əyib təzim etdi, sonra da əlindən öpüb geri çəkildi və onun Gəncəyə qayıtmasını təbrik edərək dedi: – Sizi azad və doğma vətənimizə qayıtmağınız münasibətilə təbrik edirəm. Atamın və anamın tərəfindən sizə səmimi salam vermək üçün vəkil edilmişəm. Eyni zamanda, sizin vətənə qayıtmağınız münasibətilə bütün Aran xalqını təbrik edirəm. Bu gün, musiqi və şeir həvəskarlarının tarixi bir bayramıdır. Mən özüm də qəlbən və ruhən bu bayramda iştirak etdiyimə fəxr edirəm. Qətibə bu sözləri dedikdən sonra Məhsəti xanımın əlini bir daha öpdü və geri çəkilmək istərkən, böyük şairə onun alnından öpərək razılıq izhar etdi. Qətibə geri çəkilib Fəxrəddinlə Nizaminin yanına gəldi və onları da təbrik edərək dedi: – Bu bayramı hamıdan artıq siz alqışlamalısınız. Buna görə də mən sizi xüsusi olaraq təbrik edirəm. Bu bayram mədəni xalqın da bayramıdır. Bir məmləkətdə hər şey həddindən artıq ola bilər, lakin dəyərli adamların sayı heç bir vaxt ehtiyac və həyatın tələb etdiyi qədər olmamışdır. Buna görə də siz və biz bütün varlığımızla çalışıb böyük sənətkarın daha uzun illər yaşamasını təmin etməliyik. Nizami və Fəxrəddin Qətibənin göstərdiyi bu məhəbbətin nə qədər səmimi olduğuna əhəmiyyət verməyərək ona təşəkkür elan etdilər. Dəstələr Gəncəyə tərəf hərəkət etməli idi. Bütün Gəncə və Şəmkir əhalisi yollarda durub Məhsəti xanımı görmək istəyirdi. Məhsəti xanımın qolundan tutub taxt-rəvana qaldırdılar. Hökumət tərəfindən istiqbal üçün gedən dəstəyə başçılıq edən Hüsaməddin, Məhsəti xanımın qafiləsini Əmir küçəsinə doğru aparmaq istərkən, Məhsəti xanım razı qalmayaraq dedi: – Rica edirəm, yenə də məni doğulduğum, böyüdüyüm və öyrəndiyim məhəlləyə aparın! İncəsənət işçiləri yaşayan məhəlləyə, daha açığı Xərabat məhəlləsinə aparın, məni ancaq o məhəllədə yaşamaq şad edə bilər. Nizami Məhsəti xanımın qulağına nə isə yavaşdan dedi. O saat Məhsəti xanımın üzünü bir kədər bürüdü. Onun tövrü dəyişdi. Nizamidən eşitdiyi sözlər bir daha onun qulaqlarında təkrar olundu: – Artıq Xərabat məhəlləsi yoxdur, sizi Gəncədən sürgün edən zaman xətibin və Əmir İnancın əmri ilə müridlər Xərabat məhəlləsini söküb yer ilə yeksan etdilər. Nə Məhsəti xanımın özü, nə də Nizami və Fəxrəddin hökumətin düzəltdiyi binada mənzil etmək tərəfdarı idilər. Onlar hökumətin bu təşəbbüsünə müvəqqəti bir oyun kimi məna verirdilər. Buna görə də onlar Məhsəti xanıma Nizaminin evini mənzil etməyi qərara almışdılar. Vaxt ikən hazırlıq görülmüşdü. Məhsəti xanıma xidmət üçün Fəxrəddinin evindən xidmətçilər və cariyələr təyin edilmişdi. Məhsəti xanımı istiqbal edən dəstələr Nizaminin evinin qapısında durdular. Fəxrəddin ilə Nizami qoca şairənin qolundan tutub taxt-rəvandan düşürdülər. O, vidalaşarkən dedi: – Zənn edirəm ki, bu görüş son görüşümüz olmayacaqdır. Böyük sənətkarın ziyarətinə tez-tez nail ola biləcəyik. Məhsəti xanım istiqbalçılarla vidalaşıb qapıdan içəri girdiyi zaman, həyətdə onu xidmətçilər və cariyələr qarşıladı. Nizami isə şad bir surətdə nəfəs alaraq öz-özünə: – Nə qədər böyük bir səadət, – dedi. – Böyük sənətkarın xidmətində olmaq və ölüncəyə qədər onu öz doğma anamız kimi sevmək səadəti bizə nəsib oldu... Bundan sonra Fəxrəddinin anası və Nizaminin yaxın qonşuları Məhsəti xanımı aralığa alıb onu öz otağına apardılar. * * * 1 Məhsəti xanımın həyatı, müasiri olduğu Soltan Səncər və Ömər Xəyyamın həyat tarixi ilə ölçüldüyü zaman yüz ilə qədər yaşadığı təxmin edilməkdədir (Müəllif). * * * “Fərman-hümayun” Bəhram şahla Atabəy Məhəmməd arasında gedən müharibələr bitmişdi. Kirman şəhəri altında bağlanan müqavilə ilə Kirman məmləkətinin böyük bir hissəsi Atabəy məmləkətinə ilhaq olunmuş və Toğrulun səltənəti bir daha möhkəmləndirilmişdi. Fars ölkələrində məşğul olan ordular paytaxta qayıtmış və oradan da ölkə daxilində mövcud olan başıpozuqluğu təsviyə etmək üçün lazımi yerlərə göndərilmişdi. Şimali Azərbaycana da ərəb, fars və iraqlılardan ibarət böyük bir ordu gəlmişdi. Xüsusən Aranın paytaxtı olan Gəncə şəhərinə Atabəy Məhəmmədin xas alaylarından ibarət böyük bir qüvvə gəlmişdi. Bu qoşunun gəlməsi, onun inzibati işlərə başlaması Atabəylərin tərəfindən düzəldilmiş təzə qanunların elan edilməsi, vergiləri verməkdən boyun qaçıran kəndlərə göndərilən vergi məmurlarının qoşun dəstələri ilə getmələri, gələcəkdə nə kimi hadisələr vücuda gələcəyini aydınlaşdırmışdı. Bunsuz da Əmir İnancın vaxt qazanmaq üçün Azərbaycan xalqına verdiyi istiqlal vədələrinin məndəricəsi məlum idi, çünki zahirdə Şirvan şahı Əbülmüzəffərə qarşı qoyulan təbliğat işlərinin Şirvan şahı ilə Əmir İnanc arasında müştərək düzəldiyinə dair vəsiqələr də əldə edilmişdi. Arana gətirilən qoşun dəstələrindən başqa, Şirvan şahının ixtiyarına da xalis farslardan ibarət böyük bir dəstə qoşun gəlmişdi. Atabəy Məhəmmədin gördüyü bu tədbirlərin məndəricəsi də bəlli idi. Şimali Azərbaycan, Atabəyin qoyduğu təzə qanunları qəbul etmədiyi zaman Şirvan şahlığında yerləşən qoşunlar Şirvanın öz xüsusi qüvvəsilə birlikdə Şimali azərbaycanlıları arxadan vuracaqdı. Atabəy Məhəmməd ilə Şirvan şahı Əbülmüzəffər arasında hərbi ittifaq bağlandığı xəbərləri də aralıqda gəzirdi. Nəhayət, şayiə şəklində dolaşan xəbərlər bir həqiqət kimi görünməyə başladı. Günəş hələ bir cida boyu qalxmamışdı, şəhər xalqı yerindən təzə-təzə qalxırdı, hökumətin carçıları küçələri dolaşıb bu sözləri qışqırırdı: “Səlcuq camesinə yığışın! Xəlifənin fərmanı oxunacaqdır, hey...” Cümə günü idi. Məlikşah meydanı Gəncə əhalisi ilə dolmuşdu. Cümə bazarında iştirak etmək üçün Dehi, Püsəran, Xursənək, İsfahan, Yurt, Rud, Aqsuvan və Yam kəndlərindən gələnlər də Məlikşah meydanına yığışaraq xəlifədən gələn fərmanın nədən ibarət olduğu ilə maraqlanırdı. Arana qoşun gəldiyini görərkən “istiqlalı müdafiə üçün gəlibdir” – deyən sadə ürəklilər, indi də “Xəlifə istiqlalımızı təsdiq etdiyi üçün fərman göndəribdir” – deməyə başlamışdılar. Məsciddə boş yer yox idi, qırx sütunlu, geniş məscidin qadınlar bölməsində də minlərcə adam yerləşmişdi. Məsələnin həqiqətini bilənlər də, bilməyənlər də fərmanı eşitməyə tələsirdilər. Gəncə və ziyalıları da məsciddə idi. Fəxrəddin və Nizami hamıdan əvvəl məscidin əyan və ziyalılara məxsus bölməsində oturub Əmirin əyan və Gəncə qazısının intizarını çəkirdilər. Fəxrəddin Nizaminin qulağına pıçıldayıb: – Hərgah məsciddə bizdən biət almaq istəyərlərsə, təklifimiz nədir? – deyə soruşduqda, Nizami: – Baxıb görək, fərmanda nə yazılır, o zaman təklifimiz aydınlaşar, – dedi. Əmir İnanc və Gəncə xətibi, Əmirin qoca vəziri Toxtamışla bərabər məscidə girdilər. Əmir və vəziri Toxtamış hökumətə məxsus bölmədə oturdular, xətib isə birbaş xalqın cərgələrini yarıb minbərə çıxdı. Qısa bir xütbə oxudu. Xütbəni Xəlifə Müstərşidbillah, Soltan Toğrul və onun atabəyi Cahan Pəhləvan Məhəmmədin adları ilə başlayıb onların adları ilə də bitirdi. Xətib xütbəsini bitirdikdən sonra, Hüsaməddin əlində üstünə yaşıl atlasdan örtük çəkilmiş gümüş sini minbərə yaxınlaşdı. Xətib əlini uzadıb sininin üstündən örtüyü götürərək: – Allahüməsəlli əla-Məhəmməd və ali-Məhəmməd! – dedi, bunun dalısınca da məsciddən yüksələn salavat səsi Məlik meydanına əks etməyə başladı. Meydanda yığılan xalqdan da salavat gurultuları eşidildi. Nəhayət, xətib ayaq üstündə durub "salavat" kəlməsini təkrar edənlərin yerə oturmasını əmr etdi. Xətib ərəbcə yazılmış fərmanı oxumağa başladı. Sonra da Əmirin qoca vəziri ayağa qalxıb fərmanı qısa bir surətdə yerli dilə tərcümə etdi: "Allah-təbarək-taalanın böyük iradəsi və peyğəmbər-zişənimizin himayəsi, islam milləti və islam məmləkətlərinin himayə işlərini xəlifələrə həvalə edibdir. Buna görə də biz, dini-islamın müdafiəsi, Qurani-şərifin hökmlərinin bütün dünyada nəşr edilməsi, islam ölkələrinin əmin-amanlığı, məmləkətlərin abad edilməsi işini səlahiyyətlar olan soltanların öhdəsinə tapşırmalıyıq. Dünya səltənətini Məlikşahın xələfi olan Soltan Toğrula, onun atabəyi Cahan Pəhləvan Məhəmmədə tapşırmağı qərara aldım. Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmirəlmöminin etimadını qazanmış, Soltan Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsin. Həmədan sabiqdə olduğu kimi Toğrul səltənətinin paytaxtıdır. Azərbaycan hökuməti, Təbriz paytaxt olmaq şərtilə Atabəy Məhəmmədin qardaşı Qızıl Arslana tapşırılır. Şirvan xaqanı Əbülmüzəffər Şirvan şahı təsdiq olunur. Aran ölkəsinin idarəsi Atabəy Məhəmmədə tabe olmaq şərti ilə Əmir İnanca həvalə olunur". Toxtamış fərmanı oxuduqdan sonra onu əlində yuxarı qaldırıb məsciddə oturanlara dedi: – Fərmanı Əmirəlmöminin xəlifəyi-ruyi-zəmin Müstərşidbillah həzrətlərinin özü imza edib və xilafət möhürü ilə möhürləmişdir. Vəzir bu sözləri dedikdən sonra fərmanı yenə də gümüş sininin içinə qoydu və yaşıl atlası üzərinə çəkərək Əmirin qarşısına gətirdi. Əmir ayağa qalxdı, çünki xəlifənin təklif etdiyi biəti qəbul edənlər bir-bir gəlib fərmanı öpməli və Əmirə biət edib keçməli idilər. Ən əvvəl xətib və Əmir divanxanasının məsul xidmətçiləri bir-bir gəlib fərmanı öpüb keçdilər. Lakin məscidə yığılan camaatın gözü Fəxrəddində, Nizamidə və sairlərdə idi. Heç kəs yerindən hərəkət edib fərmanı öpməyə və "biət edirəm" deməyə cəsarət etmirdi. Toxtamış dərhal vəziyyətin ağır olduğunu hiss edərək əyanlara müraciət etdi: – Xalq öz rəhbərlərinin xəlifə nümayəndələrinə biətini gözləyir. Ağalar buyurub biət etsinlər. Yenə də heç kəsdən səs çıxmadı. Fəxrəddin Nizaminin qulağına pıçıldayıb soruşdu: – Təklifiniz nədir? Nizami Fəxrəddinə cavab vermədən əvvəl Toxtamışın cavabını verib dedi: – Biz ərəb olmasaq da, ərəbcəni bir ərəb kimi bilirik. Biz bunu bilməyə məcbur idik. Xəlifə həzrətlərinin göndərdiyi fərmanın məzmunu burada xalqdan Toğrula və Atabəy Məhəmmədə biət yığmağa icazə vermir. Nizaminin bu sözlərindən sonra məsciddə tamamilə təzə bir vəziyyət törəmiş oldu. On minlərcə adam əlini qulağının dalısına süpər edib, minbərin yaxınında gedən söhbətləri eşitməyə tələsirdi. Toxtamış Nizaminin sözünə cavab verib dedi: – Mən cavan şairin sözlərinə çox təəccüb edirəm, onun xalqın şüurunda şübhə yaratmaq üçün meydana atdığı bu əsassız fikrinin mənasını anlamıram. Əvvəla, fərmanda biət edilməsi sözləri çox açıqcasına qeyd edilmişdir. İkincisi də, ağsaqqallar, yaş və sərvət cəhətcə yüksəkdə duran ağalar oturan yerdə həyat meydanına təzə atılan bir gəncin üləma və əyanlar hüzurunda diliuzunluq etməsi ədəbsizlikdir. Toxtamış bu sözləri dedikdən sonra məscid xalqından: "Doğrudur, doğrudur, vəzir çox doğru buyurur!" kimi səslərin yüksələcəyini ümid edirdi. Lakin məsciddə oturanlardan cınqırını çəkən belə olmadı. Ancaq Fəxrəddin ayağa qalxıb danışdı: – Mən öz sözümlə nə əyanları, nə də özümüzdən yaşlıları təhqir etmək istəmirəm. Lakin bunu demək istəyirəm ki, Azərbaycanda mövcud olan bugünkü yüksək mədəniyyət və bütün Şərqdə özünü tanıtdırmış olan şeir və musiqi sənəti, vəzir cənablarının göstərdiyi qocalara deyil, hazırkı Azərbaycan gəncliyinə minnətdardır. Vəzir cənabları sağ-soluna göz gəzdirdiyi zaman gənc Nizamini, gənc Mücirəddini, İzzəddini və sairləri görəcəkdir. Yaşlılara və özümüzdən qocalara olan hörmət və pərəstişimizi heç kəs inkar edə bilməz. Lakin bunu qeyd etmək lazımdır ki, onların fikirlərinin məhsulu olan bu ictimai həyatın özü də qocalmış və gevşənmişdir. Yeni ictimai həyat, yeni mədəni quruluş gənc əllərlə təşkil edilməkdədir. Gənclər qocalardan sonra doğulduqları üçün onların həyat və dünyagörüşləri də gəncdir. Zənn edirəm öz yerini gənc nəslə tapşırmış olan qoca atalarımız da bunu təsdiq edər. Məsciddən səslər ucaldı: – Yaşasın Fəxrəddin! Yaşasın gənc fikirlər! Əmir, Toxtamışın qulağına nə isə pıçıldayandan sonra o çox mülayim bir tövr alaraq: – Biz heç bir zaman hazırkı mədəniyyətin gənc nəslə minnətdar olması həqiqətini inkar edə bilmərik. Lakin gənclərin də xalqı iğfal etməsi və xəlifənin fərmanını təhrif etməsi mədəniyyətsizlikdir. Nizami bir daha ayağa qalxıb məscid xalqına müraciət edib dedi: – Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. Hərgah vəzir cənabları bu sözlərimi özü üçün təhqir hesab etməzsə, o zaman cəsarətlə deyə bilərəm ki, xəlifə həzrətlərinin fərmanını təhrif edən cənab vəzirin özüdür. Xəlifə öz fərmanında nə deyir? Yaxşı qulaq verin, o barədə sizə izahat verim. Xəlifə fərmanında hər kəsin anlaya biləcəyi bir surətdə deyir: "Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmirəlmöminin etimadını qazanmış Soltan Toğrula və Eldənizin dəyanətli xəlifi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsinlər". Bilavasitə sözü nə deməkdir? Yəni başqasının vasitəsilə deyil, şəxsən onların özünə biət etsinlər. Nizami bu sözlərdən sonra üzünü xətibə tutub əlavə etdi: – Zənn edirəm ki, bu həqiqəti xətib cənablarının özü də inkar etməz. Xətib çıxılmaz bir vəziyyətdə qaldı, lakin belə açıq bir həqiqəti də inkar edə bilməzdi, buna görə də xətib ayağa qalxaraq üzünü məsciddəkilərə tutub ucadan: – Gənc şairin dediyi doğrudur! – dedikdə xalq dəstələrlə qalxıb, məsciddən çıxdı. Nizami ilə Fəxrəddin də öz yoldaşları ilə bərabər Əmirlə vidalaşıb ayrıldılar. * * * Otaqda Nizami ilə özündən başqa heç bir kəs yox idi, buna görə də Fəxrəddin üsyan barəsindəki fikrini açıq söyləmək üçün fürsət əldə etdi və Nizamiyə sual verdi: – Doğrusu, mən sənin bəzi hərəkətlərin barəsində şübhələnirəm, mənim buna haqqım var, ya yox? – Əvvəlcə, hansı məsələlər barəsində şübhələndiyini açıq deməli, sonra şübhələnməyə haqlı olub-olmadığını soruşmalısan. – Mən daima üsyan fikrini meydana atdığım zaman məni səbrə, sakitliyə dəvət edirsən. Əcəba, səbrin və sakitliyin bir nəhayəti olmayacaqdırmı? Nizami Fəxrəddinin üzünə acıqlı baxdı, Fəxrəddin Nizamidən bu cür baxışı birinci kərə gördüyündən, dərhal səhv etdiyini anladı və səhvini düzəltməyə çalışaraq əlavə etdi: – İlyas, sən elə bilmə ki, mən səni fəaliyyətsizlikdə, üsyan və azadlıq tərəfdarı olmamaqda töhmətləndirmək istədim. – Mən səni anlayıram. Başqa cür də düşünmürəm. Lakin daima səni səbrə və sükuta dəvət etdiyim kimi başqa tövsiyələr də vermişəm. Madam ki, haman tövsiyələrin heç birisi yerinə yetirilməmişdir, o zaman üsyan barəsində olan fikirlərin heç birisinə şərik deyiləm. Fəxrəddin yenə də soruşdu: – Hansı tövsiyələri deyirsən? Heç də xatırıma gəlmir. – Sənə də, başqalarına da, üsyandan söhbət açıldığı zaman demişəm ki, xalqı üsyana hazırlamaq lazımdır. Hərgah üsyanda sən və mən, bir də bizimlə həmfikir olan beş-on nəfər iştirak edəcəkdirsə, bu günün özündə qılınclarımızı əlimizə alıb üsyana başlamaq olar, lakin belə üsyanın çox mənasız bir sonu olar və haqlı olaraq sonra hər kəs deyər ki, öz tədbirsizlikləri və axmaq hərəkətləri üzündən özləri də məhv oldu, başqalarını da ölümə verdilər. Mən bunu istəmirəm, mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, "üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi. Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi". Mənim verdiyim tövsiyələr budan ibarətdir. Biz buna hazırlanmalıyıq. Hazırda Gəncədən kəndliləri səfərbərliyə alıb biyara göndərirlər. Kəndlilər isə heç etiraz etmədən başını aşağı salıb gedirlər. Onlar elə bilirlər ki, həyatda bu da bir qanundur. Lakin heç bir kəs onları başa salmaq istəmir, heç kəs onlara yanaşıb demir ki, biyara getmək ancaq ümumi işlərdə lazımdır. Xalq ancaq xalq üçün işləməlidir. Məsələn, körpüləri düzəltmək, yolları düzəltmək, sel aparmış arxları bərpa etmək üçün xalqın biyara getməsinin hey eybi yoxdur. Lakin minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə Atabəyə malikanə düzəltmək, kəndlər, bazarlar tikmək qanunsuzluq, zülm və insafsızlıqdır ki, bunu da xalqa anlatmaq lazımdır. Əvvəlcə xalqın şüurunda üsyan fikirlərini doğurmaq, sonra isə ona təkan vermək və təşkilat içərisinə almaq lazımdır. Fəxrəddin məni lazımınca anlamalıdır. Mən sənin cəsarətini, qəhrəmanlığını qiymətləndirirəm. Buna görə də xırda və düşünülməmiş hadisələr nəticəsində tələf olmanı istəmirəm. Çox qısa demək lazımdır. Xalq nə üçün üsyan etdiyini və nə üçün də ölümə getdiyini bilməlidir. Biz bunu iki il bundan əvvəlki üsyanlarda təcrübədən keirmişik. O zaman kəndlidən "nə üçün üsyan edirsən?" – deyə soruşanda "camaat edirdi, mən də etdim" – demişdi. Üsyanda mündəricə olmalıdır. Mündəricəsiz üsyanla təsadüfi hadisələrin heç bir fərqi yoxdur. Xalqın ruhundakı xüsusiyyətləri də nəzərə almaq lazımdır. Təzə hökumət elan olunduğu zaman xalqın ruhunda mövcud olan hökumət əleyhdarlığı öz əhəmiyyətini itirə bilər. Çünki xalqın xasiyyəti təzə şeylə maraqlanmaqdır. Xalq hələ təzə hökumətdən öz istədiklərini gözləyəcək və ondan təzə həyat umacaqdır. Hökumət də öz növbəsində xalqın ruhunu oxşayacaq və onu inandırmaq üçün yüz faiz yol tapıncaya qədər özünü yaxşı aparacaqdır. Biz, o tərəf bu tərəfdə hökumətə qarşı qoyulan nifrətlərə arxa verə bilmərik. Bu narazılıq yalnız köhnə xanədana qarşı idi. Təzə hökumət gəldiyi zaman narazıların sayı azalacaqdır. Azərbaycanda mövcud olan başıpozuqluğu yaradanlar xəlifə tərəfdarları idi. Çünki xəlifələr səlcuq hökmdarlarının nüfuzu təsirindən qurtarmağa çalışırdılar. Xalqı səlcuq xanədanına qarşı qaldırmaqla onların süqutunu istəyirdilər. İndisə onlar artıq buna nail olduqlarından başıpozuqluğun təsviyəsi üçün çalışacaqlar. Başıpozuqluğun ikinci səbəbi də Xarəzmşahların və iranlıların Azərbaycan daxilində apardığı təbliğatdır. Atabəy Məhəmmədin Bəhram şah üzərindəki qələbəsi və Xarəzm hüdudlarına göndərdiyi qüvvətlərin nəticəsində məmləkət daxilində olan əcnəbi təbliğatına da nəhayət veriləcəkdir. Xırda çıxışların tərəfdarı deyiləm. Əvvəla, bu çıxışlar hökuməti ayıq salır, onun böyük üsyanları boğmaq üçün hazırlanmasına səbəb olur. İkincisi də, nəhayətsiz çıxışlar Azərbaycan mədəniyyətini pozur. Kəndin və şəhərin iflas etməsinə səbəb olur. Hazırkı mədəniyyəti pozmaq və bu inkişafı dayandırmaq bizim üçün böyük bir məğlubiyyətdir. Bu mədəniyyətə xidmət edən və bunun düşmənlərinə qarşı mübarizə aparan hər hansı bir hökumət olursa – bizim öz hökumətimizdir. Əks təqdirdə biz onun düşməniyik. Fəxrəddin Nizamiyə etiraz edərək dedi: – Yenə də bir şey anlamadım, çünki üsyan edib-etməmək barəsində qəti bir söz demədin. "Mədəniyyətimizə xidmət edən və onun düşmənlərinə qarşı mübarizə aparan hər hansı bir hökumət olursa, o bizim öz hökumətimizdir" sözləri ilə nə demək istədiyini anlamadım. – Burada gizlin və anlaşılmayacaq heç bir şey yoxdur. Üsyan üçün silah hazırlamaqdan əvvəl xalqın əhval-ruhiyyəsini hazırlamaq lazımdır. Hökumət məsələsinə gəldikdə, bu da aydındır. Təzə xanədan ərəb-fars nüfuzunu Azərbaycandan qovmaq üçün bizimlə əlbir işləməlidir. Çünki farslarla ərəblər birinci növbədə bizim dilimizi əlimizdən almağa çalışırlar. Onlar çox yaxşı bilirlər ki, ana dili olmayan bir xalqın milli mədəniyyəti də ola bilməz. Təzə xanədan köhnə xanədandan irs qalan casusları, yaltaqları, öz xalqını satanları ətrafına yığıb onlara istinad etməməlidir. Hökumət ancaq xalqın arzu və iradəsinə istinad etməlidir. Əgər belə olmazsa, əgər təzə xanədan köhnə xanədanın irslərindən istifadə edərsə, o zaman mən onun əleyhinə olacağam. Təzə xanədan Gəncə hakimini Arandan götürməzsə, mən bütün varlığımla çalışıb ona qarşı xalq üsyanını qoyacağam. Fəxrəddin bu sözdə qalxıb Nizamini öpdü və: – Mən səhərdən bəri səndən bu sözləri gözləyirdim, – dedi. Bu söhbətlərdən sonra Fəxrəddin Əmir İnanca qarşı düzəltmək istədiyi üsyanın nədən ibarət olacağı və nə cür başlanacağı haqqında danışdı. O hələ sözünü bitirməmişdi ki, qapı vuruldu və sonra Əmir İnancın sərkərdəsi Hüsaməddin dörd nəfər silahlı nökərlə bərabər otağa daxil oldu. Hüsaməddin: – Salam əleyküm! – deyə baş əydi və əlavə etdi: – İcazə versəydiniz sizinlə bəzi məsələlər haqqında danışardım. Lakin şairi rahatsız edəcəyimə əvvəlcədən üzr istəyirəm. – Bunu deyərək Hüsaməddin Fəxrəddinin üzünə baxdı, heç şübhə yox idi ki, onun şairlə nəzakət dairəsində danışmasının səbəbi Fəxrəddinin orada olması idi. Fəxrəddin isə ona heç də etina etmirdi. Lakin Nizami onun cavabını verərək dedi: – Əyləşin, siz mənim bu həqir evimə xoş gəlib səfa gətiribsiniz. Hüsaməddin oturdu və nökərlərinə tərəf dönərək: – Siz həyətdə durub məni gözləyin, – dedi. Hüsaməddin oturub şairin evini və evindəki yoxsul şeyləri gözdən keçirirdi. Əmir İnancın qızı Qətibəni özünə məftun edən şairin var-dövləti bir neçə köhnəlmiş palaz, bir dəst yorğan-döşək, kitablar, kağızlar, yemək üçün qablardan ibarət idi. Sarı samanla suvanmış olan palçıq divarlı otaqların birində böyük şairə Məhsəti xanım? o birində isə şairin özü yaşayırdı. Hüsaməddin otaqları lazımınca nəzərdən keçirəndən sonra Nizamiyə tərəf dönüb: – Siz mənə məktub göndərmişsinizmi? – dedikdə Nizami təəccüblə: – Mən sizə heç bir məktub göndərməmişəm. Siz bir qoşun sərdarı, mənsə yoxsul bir şair, bizim aramızda nə kimi məktublaşma ola bilər? Hüsaməddin əlini qoynuna atıb bir məktub çıxartdı: – Alıb oxuyun, bu məktubu mənə yazan siz deyilsinizmi? Nizami məktubu alıb oxudu: "Möhtərəm Hüsaməddin! Sizin Arandakı şöhrət və şücaətiniz mənə məlumdur. Lakin sevgi və məhəbbət işlərində nə şöhrət, nə də şücaət bir iş görər. Mən sizi xəbərdar edirəm: Əmir İnancın qızı Qətibənin yaxasından əl götürünüz. Başqasının iqbalına şərik olmaq qəhrəmanlara və şöhrətli adamlara yaramaz. Doğrudur, mən yoxsul bir şairəm, lakin xoşuma gəlməyən adamla mübarizə etməyi də bacararam". Nizami məktubu oxuyub güldü və Fəxrəddinə dedi: – Heç anlamıram, Əbül-Ülanın bu həyasız cariyəsi məndən nə istəyir? Sonra o, Hüsaməddinə cavab verib dedi: – Möhtərəm Hüsaməddin, sizdən üzr istəyirəm, Səba xanım sizi rahatsız edibdir. Hərgah bu məktubu mən sizə yazmış olsaydım, nə qorxardım, nə də üzr istərdim. O həyasız belə bir məktub da Qətibə xanımın dilindən mənim gələcək həyat yoldaşımın adına göndəribdir. İndi bir neçə kəlmə də mənim Qətibə ilə olan əlaqəmdən danışaq. Siz ağıllı adamsınız, çox da gənc deyilsiniz və yaxşı bir düşünün, bütün varı palçıq evdən və bu evdəkilərdən ibarət olan bir şair Qətibə kimi zəngin bir qızla evlənmək xəyalına düşərmi? O mənim nəyimə lazımdır? Əcəba, siz məni o qədər namussuz, o qədər şərəfsizmi hesab edirsiniz? Mən Qətibəyə evlənib Əmir İnancın süfrəsinin başındamı sülənəcəyəm?! Siz ki, o qızın dəli sevgisini bilirsiniz. Görürsünüz ki, mən ondan qaçıram, görürsünüz ki, o mənə rahatlıq vermir. Meşədə, bağda, küçədə, meydanda – harada görürsə məni evinə dəvət edir. Nə edim? Mən şairəm, bir gəncin ümidlərini qırmağın ən böyük bir günah olduğunu anlayıram. Həm də Səba kimilərin fitnə-fəsadından qorxuram. Çünki Səba xanım kimi saray cariyələri belə bir məsələni çıraqla axtarırlar. Onlar bu kimi hadisələri alış-veriş şəklinə qoyub pul qazanırlar. Siz Hüsaməddin, Səba xanımı tanımırsınızmı? Onun Əbül-Ülanın qızı Mahtab xanımı bir vaxtda səkkiz nəfərə nişanladıb hamısından hədiyyə və zəhmət haqqı aldığını eşitməmişsinizmi? Hüsaməddin: – Bunların hamısını bilirəm, – dedi və əlavə etdi: – demək ki, siz mənim sevgimə maneə törətməyəcəksiniz? – İnanın, Qətibə gözəldir, elmli, biliklidir, şöhrətlidir. Lakin bunların heç birisi mənim üçün deyil. Sizə bir şair kimi söz verirəm, mən onu sevməyəcəyəm. Mən ancaq iki kərə onun əlini sıxmışam. Bunu da məndən öz nəzakətim tələb etmişdir. Kim bilir, bəlkə təsadüf olursa bir daha onun əlini sıxmaq məcburiyyətində qalaram. Lakin bunu sevgi hissləri kimi mənə etməyin. Fəxrəddin mənim uşaqlıq yoldaşımdır. O məni özüm qədər tanıyır, o bilir ki, Qətibənin sevgisi nə qəlbimə, nə də vicdanıma yerləşir. Hüsaməddin Nizaminin əlini sıxaraq dedi: – Mən vicdanlı bir zatın evində oturduğum üçün vicdanla da danışmalıyam. Sizin bu qədər alicənablığınıza bir xidmət etmək istəyirəm. Siz öz sevgili Rənanızı tez bir zamanda evinizə gətirin, çünki Qətibə sizi onun sevgisindən azad etmək üçün Rənanı da Bağdada göndəriləcək qızların siyahısına salmışdır. Zənn edirəm ki, siz onu evinizə gətirəndən sonra, Əmir ərə getmiş bir qızı ərindən alaraq Bağdada göndərməkdən utanar... Sonra o, Fəxrəddinə tərəf döndü: – Gənc bir qəhrəman olduğun üçün səni də sevirəm, – dedi. – Əmirdən ayıq ol, Dilşad da sənin deyil. Rica edirəm, danışdıqlarımız burada qalsın. Sonra Hüsaməddin ayağa qalxaraq, Nizami və Fəxrəddinlə vidalaşıb, otaqdan çıxdı. * * * Şairin son sözü Axşam çağı idi. Günəşin istiliyi axşam küləkləri qarşısında məğlub olaraq, get-gedə təsirini itirirdi. Səyahət vaxtı keçirdi, çay kənarına səyahət üçün gələnlər çəkilib gedirdi. Şair də qalxıb çayın kənarı ilə şərqə doğru döndü. Musa dəyirmanının ətrafındakı söyüdlükdən qalxıb Səncər meydanına tərəf getdi. Bu zaman onu arxadan bir nəfər səslədi: – Möhtərəm şair, bir az ayaq saxlayın. Şair dönüb arxasına baxdıqda Qətibənin qoca bağbanı Salimin gəldiyini görüb dayandı. Salim başı titrəyə-titrəyə Nizamiyə yaxınlaşaraq dedi: – Bağışlayın, sizi rahatsız edəcəyəm. Nizami gülümsəyərək dedi: – Siz qoca kişisiniz, bilirsiniz ki, Allah bəndələrini rahatsız etmək günahdır. Salim baş endirib: – Məni bu savab ilə qol-boyun olan günaha məcbur edən vardır, – dedi. – Siz onu tanıyırsınız. Xanım orada oturub sizi görmək istəyir. – Harada? – Həmişəki yerdə. – Necə yəni həmişəki yerdə? – Daima sizin oturub yazı yazdığınız o söyüd kötüyünün yanında. – Xanımınız mənim meşədə olduğumu haradan bildi? – Xanım hər gün sizi təqib edir, hətta siz gedəndən sonra orada durub sizi xatırlayır. Dünən xanım orada durub sizin yoldaşlarınızla şeir oxuduğunuzu eşidirdi. O sizin Rəna ilə görüşdüyünüzü də gördü. Buna görə də sizi xəbərdar edirəm: o çox acıqlıdır. Bir az ehtiyatlı olun. Onun qəlbini ələ alın, həyəcanını sakit etməyə çalışın. O sizin Rənanızı da məhv edər. Şair Qətibənin bağbanına qulaq asa-asa gedirdi. Qətibənin bu sevgi macərasından yaxasını nə vəchlə qurtaracağı barəsində düşünürdü. Rənaya qarşı düzələn sui-qəsd Nizamini hər şeydən artıq düşündürürdü. Qətibə oturan yerə bir neçə qədəm qalmış qoca bağban dayandı. Nizami isə Qətibəyə doğru irəlilədi. Qız şairi gördüyü zaman bütün vücudu titrəməyə başladı. Şair birinci dəfə idi ki, Qətibəni bu vəziyyətdə görürdü. Qız ayağa qalxıb bir neçə qədəm irəlilədi, lakin vücudunda baş verən zəlzələ onun qədəm atmasına mane oldu, dayanıb titrəməyə başladı. Qətibə yalnız yerimək deyil. Nizamiyə salam verməyə və danışmağa belə cəsarət etmirdi. Çünki o öz sevgisinin ümidsizliyə təsadüf etdiyini yəqin edirdi. O bilirdi ki, birtərəfli sevgi heç bir zaman müvəffəqiyyət qazana bilməz. Onun salam verməməsinə və danışmamasına səbəb Nizaminin dilindən çıxa biləcək "yox, sevmirəm" kəlmələrini eşitməkdən qorxması idi. Lakin o öz xariqüladə gözəlliyindən ümidini kəsməmişdi. Nizami kimi şairin bu qədər yüksək bir gözəlliyə xor baxmayacağına inanırdı. O, öz qəlbində deyirdi: "Ərəb, türk və rum qanından yaradılan bu möcüzə gənc şairin qəlbini əsir edə bilər". O elə düşünürdü ki, dünyanın qəlbini çırpındıran bu gözlər gənc şairin də qəlbini çırpındıra biləcəkdir. Qətibə elə fikir edirdi ki, şeir, payız narı kimi titrəyən döşlər, gül yarpağına istehza yağdıran dodaqlar, gülümsər qara gözlər və sairə gözəlliklər üzərində qurulduğu üçün şair də bu ilham mənbəyini əlindən buraxmayacaqdır. Buna görə də Qətibə baş örtüsünü götürüb bir neçə qədəm daha şairə tərəf irəlilədi, daş-qaşa, incilərə, ipəklərə bürünmüş bu gözəl, canlı bir xəzinə kimi şairə yaxınlaşdı. Qətibə öz gözəlliyi, öz əzəməti və dəbdəbəsi ilə hərəkət edib şairə doğru gəldiyi zaman, Nizami də üstünə bir kabus və bir qorxunun yaxınlaşdığını hiss edir və nə vəchlə öz qəlbinə hakim ola biləcəyi barəsində düşünürdü. Lakin o bu qorxunu özündən rədd etmək üçün o qədər də çətinlik çəkmədi, bir an keçmədən sanki Rəna gəlib onunla Qətibənin arasında hayil olub durdu, şair gözlərini açdığı zaman artıq Qətibəyə deyil, Rənaya baxırdı. Nizami Hüsaməddinlə olan söhbətin Qətibəyə yetişdiyini yəqin edirdi. Qızın bütün baxış və duruşu da bunu göstərirdi. Heç şübhə yox idi ki, Qətibə bu gün Nizamidən qəti cavab almağa gəlmişdi. Bu isə şair üçün hər bir məsələdən çətin idi. Nəhayət, Qətibə qara gözlərinin qapaqlarını böyük bir tərəddüdlə qaldırıb şairin üzünə baxdı, yavaşdan: – Axşamın xeyir olsun! – dedi və əlini Nizamiyə uzatdı. Şair, qızın əlini əlinə aldığı zaman onun külək qarşısında titrəyən incə bir şaxə kimi titrədiyini hiss etdi. Buna görə də utana-utana qızın salamının cavabını verməyə məcbur oldu: – Əleykəssalam, möhtərəm qız, mən bu əlin daima xoşbəxt olmasını istəyirəm, – dedi. Qız əlini Nizaminin əlindən çəkmək istəmirdi, o bununla öz sevgisini şairin qəlbinə aşılamağı düşünürdü. Eyni zamanda şairin: "Mən bu əlin daima xoşbəxt olmasını istəyirəm" dediyinə qarşı cavab hazırlayırdı. Lakin bu çox da asan deyildi, çünki o qarşısında duran şairin bir qala qədər sarsılmaz olduğunu anlayırdı. Buna görə onun arzu qanadları qırılır, o yüksək aləmlərə uçmaq istərkən özünü yenilməz və sevgisində inadlı olan bir gəncin qarşısında görürdü. Qətibə bu fəthedilməz qalaya sahiblənmək istərkən, özündə bir acizlik hiss edirdi; çünki o, Nizaminin qadın gözəlliyi qarşısında sarsılmaz olduğunu bir neçə kərə sınaq etmişdi. Lakin, buna baxmayaraq o, son qüvvətini meydana qoymuşdu. O həm gözəl idi, həm də gözəlliyindən bir silah kimi istifadə edirdi: əlini şairin əlindən çəkmək istəmirdi, bütün naz, qəmzə, utanmaq, qısqanmaq, rəng verib rəng almaq, hətta göz yaşları axıtmağı... Hamısını təcrübədən keçirirdi. Nəhayət, o, özünü ələ alaraq şairə sual verdi: – Söylə, şair, söylə! Sən bu əl sahibini xoşbəxt etmək üçün qəti bir söz deyə biləcəksənmi?! Qətibə bu sözləri dedikdən sonra, yenə də utandı, başını aşağı salıb, güləbətin naxışlı başmaqlarına baxmağa başladı. O, axşamın kəskin sərinliklərinə baxmayaraq tərləmişdi, hər iki tərəfdən yanaqlarına düşən qara saçları yağışda yeni çıxmış yasəmənləri xatırladırdı. Şairin vəziyyəti isə çıxılmaz və ağır idi. O öz-özünə düşünür və deyirdi: – Bu dünyada sevgi xəstəliyinə tutulmuş bir qıza "yox, sevmirəm" deməkdən daha çətin bir şey təsəvvür etmək olarmı? "Sevmirəm" sözü dəlicəsinə sevən bir qıza zəhər içirmək qədər qorxulu deyilmi? Bu söz qız qəlbi üçün sağalmaz bir yara deyilmi? Bu kəlmə Qətibə kimi məğrur və gözəlliyinə inananlar üçün də unudulmaz bir təhqir idi. Əcəba, həyatdakı bütün incə hissləri özündə mərkəzləşdirən qəlbin nə kimi bir maddə olduğunu təbiblərdən, filosoflardan daha yaxşı öyrənən bir şair sevgisini elan edən bir qızı nə kimi bir vicdanla rədd edə bilər?! Şair düşünür, qıza demək üçün sakitedici bir cavab axtarırdı: o cavab "yox" kəlməsilə "bəli" kəlməsini ifadə etməyəcək orta bir kəlmə olmalı idi. Qətibə də düşünürdü, o da öz qəlbində Nizaminin verəcəyi cavabı ölçüb biçirdi. O, fikrində gah şairin böyük əsərlərinin ilhamı kimi təcəssüm edir, onunla məsud bir həyat qurub yüksəklərə qalxır, gah ümidsizliyə enərək təhqir və həsrətlər içərisində çapalayırdı. Cavab vermək istəyən və cavab almaq intizarını çəkənlər bir kərə başlarını qaldırıb, bir-birinin üzünə baxdılar, çünki sükut və intizar adi çərçivəsindən kənara çıxırdı. Şair qızın ikinci kərə sual verməsinə imkan buraxmamaq üçün sükutu pozaraq dedi: – Möhtərəm qız mühüm bir cəhəti unutmamalıdır. Ayaq üstə görüş və ayaqüstü danışıqlar əbədi bir səadətin təşkili üçün çox azdır. Ailə qurmaq insanların həyatında mühüm bir hadisədir. Bu hadisə təsadüfi olmayaraq təbiidir. Bu kimi zəruri hadisələrə qarşı ehtiyatlı və düşüncəli olmaq lazımdır. Həyatı bir-birinə aşılamaq üçün xasiyyət birinci şərtdir. Xasiyyətlərin bir-birilə barışmaması, eyni zamanda onların bir ailə təşkili münasibəti ilə bir-birilə daima qarşı-qarşıya durması, bəzən iki zidd qüvvənin təsadüfündən alınacaq mənfi nəticələri doğurmuş olur. Gözəl qıza bunu da deməliyəm ki, nə qızlar, nə də oğlanlar bir-birlərini sevdikləri zaman qəlbin ixtiyarını kəməndə salıb gözlərin sərəncamına verməməlidirlər. Sevgini qəlbə aşılayan gözlərdir. Gözlər bəzən qəlbi aldada bilər. Biz daima çalışaraq qəlbin, gözün və ağlın vəzifələrini düzgün bir surətdə təqsim etməliyik. İnsan bu üç ünsürün doğru bir surətdə fəaliyyət icra etməsi nəticəsində xoşbəxt ola bilər. Bu cəhətləri nəzərə alaraq bizim ikimiz də bu ünsürün bir-birinə təcavüz etməsinə imkan verməməliyik. Çünki gənclik zamanında insanların gözləri ilə ürəkləri birləşib ağlın qarşısında haqq-hesab verməkdən boyun qaçırır və özbaşına işləməyə başlayırlar. Bunun üçün də alim adamlar deyir ki, insanlar gənclik zamanı ağıl ilə hissiyyata fərq qoya bilməzlər. Həyat səhnəsinə atılmaq, dünyanı daha tez öyrənməyə can atmaq, ictimai mühitin qanunlarını mənimsəmək üçün tələsmək gəncliyin ən sevimli xüsusiyyətlərindən birisidir. Lakin ailə həyatı qurmaq işində tələsmək həyat qanunlarını təhrif etməkdir. Bəzən gənclər öz səadətlərini qurmaq üçün bəşəri münasibətləri unudur. Onlar bir çox hadisələrdə öz səadətlərini başqalarının bədbəxtliyi üzərində qurmaq istəyirlər. Bu cür gənclər sevgi xəstələridir. Onlar öz ağızlarının şirin olması üçün başqalarına zəhər içirmək istəyirlər. Gözəl Qətibədən bir ricam vardır: bu barədə bir qədər də fikirləşək. Yenə də görüşüb danışaq. Siz elə bilməyin ki, bu dünya sizin gözünüz gördüyü kimi maneəsiz bir düzəngahdır. Əksinə, dünya çox eniş-yoxuşludur. Həyat dolaşıq yollar, keçilməz cığırlar, qorxulu gədiklər, uçurumlar və çala-çuxurlar arasında qurulmuşdur. Bu qədər təhlükəli yolları keçmək üçün tapmaq istədiyimiz yoldaşı, lazımi diqqətlə, ağıl və düşüncə ilə öyrənməliyik. Əlverişli olmayan həyat və yol yoldaşı insanı uçurumlar, çala-çuxurlar qarşısında yalnız qoyub qaça bilər, bunu bir çoxlarının həyatında görmüşük. Hər şeydən sonra biz meşə torpağından göyərmiş göbələk deyilik; Allah öz yerində qalsın, ata-analarımız bizim yaradanlarımızdır. Onlara yanaşmaq, onların məsləhətlərini almaq, hər şeydən əvvəl lazımdır. Qətibə bu sözdə başını qaldırıb yalvarıcı bir surətdə dedi: – Şair, mənə inan, nə atam, nə də anam mənim xoşbəxtliyimə mane ola bilər. Sən özün bilirsən ki, onlar bu işdən xəbərdardırlar. Nizami çox gözəlcəsinə bilirdi ki, o, Qətibənin sevgisinə razılıq versə belə, bu hadisə yenə də baş tutmayacaqdır, çünki Əmir İnanc xalqa rəhbərlik edən şəxsiyyətlərin hər birisini bir vasitə ilə aldatmağa və bununla da sabiq nüfuzunu əldə etməyə çalışırdı. Əmir İnanc Qətibənin Nizamiyə hüsn-rəğbət göstərməsinə yol verməklə bərabər, onu Hüsaməddinə də vəd edirdi; Dilşadı Bağdada göndərməyə hazırlandığı halda Fəxrəddinin də başını aldadır və Dilşadın Fəxrəddinlə olan tanışlığına maneə törətmirdi. Lakin Qətibə atasının bu siyasətindən xəbərdar deyildi, buna görə də şairi, ata-anası tərəfindən maneə törədilməyəcəyinə inandırırdı. Qətibə titrək və həyəcanlı bir səslə: – Mən bu gün şairdən qəti cavab almaq qərarına gəlmişəm, – dedikdə Nizami dərin bir fikrə qərq oldu. Bunun üçün Qətibə soruşdu: – Nəyi düşünürsən? – Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmağın mümkün olub-olmamasını düşünürəm. Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratsaydı, mən heç də vicdan əzabı çəkməzdim. Qətibə şairin nə demək istədiyini dərhal hiss edərək söylədi: – Bir qəlbin iki tərəfə bölünməsinə hansı qız razı ola bilər?! – Mən çox təəssüf edirəm ki, gənclərdən bir çoxunun qəlbi özündə olmadığı zaman, gözəl qızlar onların qəlbini tələb edirlər. Nə edəsən, qəlb elə bir şey deyil ki, birinin əlindən alıb, o birisinə verəsən. – Doğrusunu söylə, sən qəlbini mənə verməyəcəksənmi? – Birisinə doğru demək üçün başqasına yalan deməyə məcbursan. Lakin mən bunu vicdanıma sığışdıra bilmirəm. Doğrusu budur. – Mən səni gözəl, yaraşıqlı bir gənc olduğun kimi, sənətkar bir şair olduğun üçün də sevdim. – Zənnimcə, yoxsul bir şairə bu qədər böyük əhəmiyyət vermək yersizdir. Mənə verdiyiniz bu qədər əhəmiyyət, göstərdiyiniz səmimi hörmətlər məni daha da rahatsız edir. Özünüz söyləyin! Mənə qarşı bu qədər sevgi və ehtiram bəsləyən bir qızı mən necə aldada bilərəm? Qətibə Nizaminin əlini yenə də əlinə aldı və dedi: – Mən istəyirəm ki, o nəfis şerlərin ilhamı məndən alınsın. Sənin ilham dənizindən çıxan nadir incilər, bir kəndli qızının boynundan yox, Qətibənin boynundan asılsın. Daha doğrusu, sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istəyirəm. Mən sənin yaratdığın xəzinənin divarları sarı samanla suvanmış palçıq otaqlarda çürüməsini istəmirəm. Mən səni daxmalardan, həqir otaqlardan çıxarıb ali saraylar, kaşanələr, malikanələr, təntənə və dəbdəbələr sahibi etmək xəyalındayam. Mən istəyirəm ki, bütün Şərqdə məşhur olan nəcib Qətibənin dünyası səninlə bir daha şərəflənsin. Sən bundan sonra xəlifə babamın – müqəddəs Müstərşidbillahın şairi sifətilə Bağdad dünyasını ələ alacaq, tarixin məşhur şairi Əbü Nəvvas və Əbülətahiyələrin əldə etmiş olduğu şərəfi qazanacaqsan. Bundan sonra sənin şerlərini lal, kar meşələr yox, bəni Abbas xəlifələrinin təntənəli sarayları eşidəcəkdir. Qətibə zənginliklərdən, saraylar və malikanələrdən danışdığı zaman Nizami düşünür və xəfif-xəfif gülürdü. Lakin Qətibənin onu tez-tez yoxsul deyə təkrar etməsi, xüsusən onun evinin fəqirliyindən danışması, hətta Rənanın adını çəkdiyi zaman "bir kəndli qızı" deyə onu təhqir eləməsi Nizaminin acığına gəldi və ona bu məzmunda bir şeir oxudu: "Fəqir bəxtəvərəm, şairəm, zəbərdəstəm, Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm. Həqiqət əhliyəm, hər eybdən mübərrayam. Əgər dağılsa bu dünya, mən ayrı dünyayam. * * * Əgər həyat üçün aləm həyata yalvarsa, Dağılsa, yansa bəşər, kainata yalvarsa, Fəqət mən ölsəm, əzilsəm də iczə idl açmam, Qəza gəlirsə də, gəlsin, mübarizəm, qaçmam". Qətibə dərhal şairin acıqlandığını hiss edərək onu sakit etməyə çalışdı: – Sən mənim sözlərimə əbəs yerə mənfi məna verirsən; mən səni yüksəltmək istərkən təhqir etmək istəmədim. Nə edim? Madam ki, sən məni rədd etmək üçün bəhanə axtarırsan, o zaman mənim dediklərimi təhrif edə bilərsən. Həm də ki, şairsən, yaradıcısan... Qətibə yarım saatdan artıq danışdı. Sevgi dastanlarını cürbəcür qafiyələr və məzmunlarda oxudu, o ağladı, güldü, nazlandı, acıqlandı, yenə də şairdən müsbət bir cavab ala bilmədi. Nəhayət, əlini Nizaminin əlindən çəkərək, göz yaşları ilə ayrılmaq istərkən, Nizamidən bu sözləri eşitdi: – Qızlarda baş verən bu kimi hallar keçici hallardandır. Onlar sürətlə sevdiyi və düşünmədən insana bağlandıqları kimi, sürətlə, düşünmədən insandan ayrılar və unudarlar. Nizami ayrılıb getdi. Qətibə isə olduğu yerində quruyub qalmışdı. Bir az keçəndən sonra o qayıdıb söyüd kötüyünün üstündə oturdu, düşünməyə, beyni qızmağa və düşüncələri alovlanmağa başladı. Sevgisi böyük bir intiqam hissilə alovlanır, bu qədər alçalmasına qarşı öz-özünə nifrət edirdi. Hüsaməddin uzaqda dayanıb, Qətibə ilə Nizami arasında gedən söhbətlərə qulaq asırdı. O, Qətibənin yalvarışların Nizaminin ona verdiyi cavabı eşidir və ümidləri yenidən canlanırdı. Hüsaməddin, Nizaminin ailə təşkili barəsindəki fikirlərinə xüsusi qiymət verdiyi üçün öz-özünə belə düşünürdü: – Şair doğru deyir. Bir qəlbi birisindən alıb o birisinə vermək çox çətindir. Lakin bu fikir Hüsaməddini tamamilə qane salmırdı, çünki o özü dəlicəsinə sevir və bütün bu fəlsəfə onu təmin etmirdi. Hər halda o, Nizamidən razı idi. Bir neçə gün əvvəl Nizaminin verdiyi sözlərdən onun səmimi olduğunu hiss etmişdi. O şad bir halda Qətibənin yanına gəldi, adəti üzrə qıza baş əyib: – Axşamınız xeyir olsun! – dedi. Qətibə cavabında: – Çox razıyam! Get xəbər ver qulamlar taxtımı bura gətirsinlər, – dedi. – Meşənin sıx yeridir. Ağacların şaxələri taxtın çiyində aparılmasına imkan verməz. Yaxşı olardı ki, bir neçə qədəm söhbət edə-edə gedəydik. Qətibə ayağa qalxdıqda Hüsaməddin ona dedi: – Mən zənn edirəm ki, xanımın bugünkü səyahəti həmin bu söyüd kötüyü ilə əbədi olaraq vidalaşmaq üçün idi. Qətibə cəld ona tərəf dönüb: – Sən özünü bir qəhrəman hesab edirsən, – dedi. – Lakin yaralanmış bir adama yara vurmaq mərdlik və qəhrəmanlıqdan uzaq bir işdir. – Mən sizə yara vurmaq istəmədim. Ancaq sizin səhvlərinizin nə kimi bir nəticə verdiyini sizə anlatmaq istədim. Şair çox gözəl dedi. Təbiət bir qəlbin iki tərəfə bölünməsi imkanını yaratmamışdır. – Mənim üçün fəlsəfə danışma, təbiətin imkan vermədiyi heç bir şey yoxdur, hər şeyi insan yaradır. – Siz mənim nəsihətlərimə inansaydınız, bugünkü görüşü təşkil etməzdiniz. Şair də sizi bu qədər açıqcasına rədd eləməzdi. İndi mənə deyin görüm yenədəmi onu sevəcəksiniz? – Xeyr, sevməyəcəyəm, inanın, indi o mənim düşmənimdir. Mən ona öz Rənası ilə xoşbəxt yaşamağa imkan verməyəcəyəm. Hətta mümkün olarsa, onu məhv etdirib öldürəcəyəm. Lakin onun qəbrində oturub ölənə qədər ağlayacağam. Mən nə sevgini, nə də təhqiri unudacağam. Sən də mənim yaxamdan əl çək. Mən babamın müqəddəs ridasına and içirəm, heç bir kəsə sevimli qadın olmayacağam. Onunla yaşaya bilmədim, heç bir kimsə ilə də yaşaya bilməyəcəyəm, çünki insan ömründə ancaq bir kərə sevə bilər. Mən bundan sonra hər kəsə baxsam, onu qucaqladığımı hiss edəcəyəm. Hər kəslə olsam, sanki onunla olacağam. İndi sən də məndən uzaqlaş, çünki mən nə sənin, nə də onun deyiləm. Hüsaməddin Qətibənin bu sözlərinə istehza ilə güldü: – Yüksəkliyi aşağılarda arayan adamlar özünü daima aşağılarda görməlidir, – dedi. Qətibə bunun cavabını verməyə imkan tapmadı, çünki qulamlar onun taxtını irəli gətirmişdi. O, bir saat bundan əvvəl bu taxtın üzərinə oturub böyük bir ümidlə meşəyə gəldiyi halda, indi ümidsiz və təhqir olunmuş bir surətdə taxta oturub meşədən çıxırdı. Əlvan ipəklər və zərzivərlə bəzənmiş taxt Qətibə üçün qorxulu bir tabutun qənaətini verirdi. Kənizlər və cariyələr taxt qabağında qəhqəhə ilə güldüyü zaman, Qətibə qəlbdən ağlayır və acılar içində qıvrılırdı. O, meşədən çıxdı. Lakin bu son gediş deyildi. O sonra hər gün yenə də meşəyə gəlir və haman söyüd kötüyünün üstündə oturub düşünür və keçən günləri xatırlayırdı. * * * Qızıl Arslan Eldəniz oğlanları Azərbaycanı idarə etməyə başlamışdılar. Cənub-qərbi Azərbaycandakı itaətsizlik, Marağa hakimi Qara Süngərin məğlubiyyəti nəticəsində təsviyə olunmuşdu. Qızıl Arslan Təbrizdə oturub Şimali Azərbaycan məsələləri ilə məşğul olduğu zaman, yerli hakimlər yerlərin vəziyyəti barəsində hökmdara bir çox əsassız məktublar göndərirdi. Onlar öz mövqelərində qalmaq üçün məmləkətdə mövcud olan narazılıqların səbəbini gizlədirdilər. Buna görə də Nizami Qızıl Arslandan şeir və ədəbiyyata dair aldığı məktubun cavabında məmləkətin vəziyyətini yazmış və narazılıqların səbəbini qismən aydınlaşdırmışdı. Nizami öz məktubunda məmləkətdə mövcud olan üsyanların yararsız olan hökumət üsul-idarəsi nəticəsində yaradıldığını və məmləkətin islahata möhtac olduğunu, xalqın etimadını itirmiş yerli hakimlərin isə dəyişilməsi lüzumunu qeyd etmişdi. Məktubda qeyd edilən əsas məsələlərdən birisi də milli mədəniyyətin təriqət və məzhəb mübahisələri təhlükəsinə məruz qalması və mədəni vasitələrin yerli hakimlər tərəfindən dağıdılması işlərindən ibarət idi. Məktuba cavab yox idi, bir çoxları məktubda "üsul-idarəyə toxunmaq lazım deyildi, hökmdara məsləhət vermək ehtiyatsızlıqdır" – deyə üzdə də olmasa, dalda Nizamini tənqid edirdi. Məktub yazıldığı zaman Nizamiyə məsləhət verən və yazılan məsələlərə tərəfdarlığını elan edənlər, indi "bizim əsla xəbərimiz yoxdur, qoy özü də cavabını versin", – deyə hər yerdə danışırdılar. Nizaminin ətrafında yalnız Fəxrəddin qalmışdı, o daima Nizamiyə dedi-qodular haqqında söhbət açdığı zaman deyirdi: – Biz bu məktubu göndərməkdə heç xəta işləməmişik. Qızıl Arslan bu məmləkəti sevirsə, bizi təqdir etməlidir. Məktubda, məmləkət və hökumətin səadətindən başqa bir şey tələb etməmişik. Əgər hökmdarın bundan acığı gəlirsə, qoy gəlsin. Biz məmləkətin və xalqın vəziyyətini heç bir zaman gizlətməməliyik. Mən məktubda göstərilən məsələlərin hamısına şərikəm. Sən məni tanıyırsan, Fəxrəddin səni heç bir zaman yalnız buraxmayacaqdır. Bu kimi məsələlər Nizami ilə Fəxrəddin arasında tez-tez danışılırdı, nəhayət, günlərin birində Fəxrəddin Məhsəti xanımın kefini soruşmaq üçün Nizaminin evinə gəldiyi zaman şairi həddindən artıq şad gördü. Məhsəti xanımın xəstəliyi də sanki səhhətə üz qoymuşdu. Rəna ilə Nizami onu təmiz hava almaq üçün həyətə çıxarmışdılar. Məhsəti xanım Rəna üçün təzə fikirləşdiyi rübailəri oxuyurdu. Nizami Fəxrəddini gördüyü zaman: – Bir az da yubansaydın, dalınca adam göndərəcəkdim, – dedi. Fəxrəddin şad bir xəbər gəldiyini anladı. O əvvəlcə gəlib Məhsəti xanımın əlindən öpdü, Rənanın kefini soruşdu, sonra Nizamiyə tərəf dönüb: – Gözlərin mənə böyük bir şadlığın xəbərini verir, – dedi. Nizami qoltuğundan böyük bir dəftər həcmində bir məktub çıxarıb Fəxrəddinə verdi: – Al, oxu, qoy mühafizəkarlar, qorxaqlar əmin olsunlar ki, Nizaminin yazdığı məktublardan heç bir kəs zərər çəkməz. Onlar məktubu oxumaq üçün Məhsəti xanımı da götürüb otağa gəldilər. Fəxrəddin əlləri titrəyə-titrəyə məktubu oxumağa başladı: "Möhtərəm şair! Məktubunuzu alıb gözlərimə və dodaqlarıma sürtdüm. Bir şairi görmüş və onunla üz-üzə oturub söhbət etmiş qədər sevindim. Məktubun cavabı təxirə düşdü. Bunu bir etinasızlıq kimi mənə etməyin. Hər halda bu təxir sizi düşündürməmiş deyil. Məmləkətin vəziyyətinə və Azərbaycan xalqının əhvali-ruhiyyəsinə aid yazdığınız bu məktubun, dövlət quruluşu nöqteyi-nəzərindən böyük bir əhəmiyyəti vardır. Sizin başınıza and içirəm, məktubunuz mənim bütün varlığımı titrətdi. Məktubda göstərdiyiniz məsələlərin hamısı sanki iki qəlbin, iki düşüncənin məhsuludur. Şair bilməlidir ki, o qədər düşüncəli, o qədər mədəni surətdə yazılmış məktuba cavab vermək üçün tələsmək olmazdı. Mən sizin hökumət quruluşuna aid fikirlərinizi çox diqqətlə oxudum. Zatən, səlcuq hökmdarlarından müəyyən və möhkəm bir hökumət quruluşu olmamışdır. Buna görə də onlar xalqların mədəni və ictimai vəziyyətləri ilə hesablaşa bilməzdilər. Azərbaycanlılar səlcuq hökmdarları qarşısında milli müqəddərat məsələsini qoya bilməzdilər. Hərgah hökmdarlar bu hüququ Azərbaycan xalqına vermək istəsə belə, bunu bacarmazdılar. Çünki səlcuq xanədanının müəssisi Toğrul bəy öz qardaşı İbrahim Yənalı Azərbaycan məmləkətinə hakim təyin etdiyi zaman ona müəyyən bir hökumət quruluşu ilə iş aparmasını göstərməmişdi. O zaman Azərbaycan məmləkətindən fars və ərəb nüfuzunu qovmaq məsələsi də qoyula bilməzdi; çünki Qaim Biəmrullah Toğrul bəyin hökumətini təsdiq etdiyi zaman (hicri 430), Hibətullah adlı bir ərəbi də müavin, daha açığı, nəzarətçi sifətilə onun yanına qoşmuşdu. Buna görə də nə Azərbaycan, nə Xarəzm, nə də İraq və Əcəmdə milli dil və mədəniyyət, milli müqəddərat məsələsi qoyula bilməzdi. Toğrul bəyin Qaim Biəmrullah ilə apardığı müdarə siyasəti məmləkətlərdə xəlifə nüfuzunun davam etməsinə imkan yaratdı. Hələ o, qardaşı Davudun Arslan xatun adlı qızını Qaim Biəmrullaha verib, özü isə Qaim Biəmrullahın qızı Seyidə ilə evlənməklə başqa ölkələrlə birlikdə Azərbaycanın siyasi və ictimai vəziyyətini ağırlaşdırdı. Siz məktubunuzda Toğruldan Alp Arslanın Azərbaycandakı islahatına işarə edirsiniz. Doğrudur, mən onun islahat işlərilə çox maraqla tanış oldum. Lakin hər bir islahat və yaxud hər bir mədəni təşəbbüs, hökumət quruluşuna istinad etməlidir. Quruluş mədəniyyətə müsaidə verməzsə, quruluş islahata imkan yaratmazsa, islahat heç bir müsbət nəticə verə bilməz. Toğruldan sonra böyük və cahangir bir hökumət təşkil etmiş olan Alp Arslanda da müəyyən və əsaslı bir hökumət üsul-idarəsi yox idi (hicri 455). O, Yəməndən Oqsusə qədər geniş bir məmləkətə hökmran olduğu halda, məmləkəti öz ailə üzvləri arasında təqsim etməsi və yerlərdə olan hakimlərin bir mərkəzə tabe olmaması, Alp Arslanın düşündüyü islahatın həyata keçməsinə imkan verməzdi. Lakin mən belə düşünmürəm. Biz ümumməmləkət miqyasında vahid bir üsul-idarə və müəyyən hökumət quruluşu tətbiqinə müvəffəq olmasaq da, yerlərin siyasi və ictimai vəziyyətinə istinadən hər yer üçün ayrı-ayrı üsul-idarə təşkili barəsində düşünməliyik. Mən bu barədə şairi əmin edirəm. Hərgah Toğrul buna razılıq verməsə belə, biz Azərbaycan atabəyi olduğumuz üçün Azərbaycanda müəyyən bir hökumət quruluşu tətbiq etməliyik. Azərbaycan xalqı bizi öz hökuməti kimi tanımazsa, müdafiə etməz. Siz məktubunuzda, Azərbaycanda mövcud olan təriqət mübarizələrinə işarə edirsiniz. Bu məsələ məni də düşündürür. Bizim çətinliklərə rast gəlməmiz məsələsi və bundan ibarətdir. Bu günlərdə İsfahanda başlamış sünni-şiə vuruşmaları yuxarıdakı iddiamı təsdiq edir. Vuruşmalara nihayət vermək üçün elmi yollardan istifadə edə bilmədim. Çünki bu üsyanın başqa ölkələrə sirayət etməsi ehtimalı məni qorxutdu. Buna görə də sünni-şiə vuruşmalarını qanla boğmaq məcburiyyətində qaldım. Lakin sizin məktubunuzu aldığım zaman təcili surətdə Bağdad xəlifəsi Müstərşidbillaha məktub göndərib Babək üsyanına dair vəsiqələri istədim. Buna görə də vəsiqələr əldə edilmədən və bunlarla tanış olmadan təriqətlərin məhv edilməsinə aid fikrimi sizə yaza bilmədim. Yazıları göndəriblər, neçə gündür ki, onları oxuyuram, Babək üsyanının mündəricəsini, onun inkişaf yollarını və üsyanın məğlub edilməsi səbəblərini öyrənirəm. Vəsiqələrdən aldığım qənaət budur: İstər Məmun xəlifənin, istərsə ondan da sonra Mötəsim xəlifənin katibləri Babək üsyanının cərəyanı və onun inkişafı yollarını yazarkən dini hissiyyata qapılıb, həqiqəti tamamilə təhrif ediblər. Lakin mən Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyurkən bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm. Xəlifə kitabxanalarında saxlanan bu yazılar nə qədər təhrif edilmişdirsə, yenə də Babək üsyanının mündəricəsini tamamilə örtməyə müvəffəq ola bilməmişlər. Yazıların hər bir səhifəsində Babəkin əsas fikirləri parlamaqdadır. Babək xalqların birliyini yaratmaq üçün dinə, təriqətə və mövhumata hücum etməkdən başqa bir yol intixab edə bilməmişdir. Bağdaddan gətirilən vəsiqələrin içərisində çox qiymətli və tarixi vəsiqələr də vardır ki, onlar birinci Məmun xəlifənin yazılarıdır. Bu əlyazmalarının mühüm bir qismi Məmunun Babək üsyanına dair yazdığı xülasələridir. Məmunun xülasələrində Babək üsyanındakı səhvlərin səbəbləri aydınlaşdırılır. Eyni zamanda, Məmun bəni Abbas xəlifələrinin xəyanətlərini sayaraq yazır ki, onlar xalqı elm və mədəniyyətlə deyil, din, məzhəb, təriqət və mövhumat vasitəsilə kor edib özlərinə bağlamaq istəyirdilər. Məmun deyir ki, xalqı sağlam bir hökumət quruluşu ilə birləşdirmək əvəzinə dinlə birləşdirmək təşəbbüsü xəlifələrin ən böyük xətalarındandır. Məmun deyir ki, "Ərəb və yəhudi alimlərinin islam dininə uyğunlaşdırdıqları din fəlsəfələrini, xəlifələr bütün islam dünyasına yaymağa və nəşr etməyə çalışmışlar. Buna görə də islam xalqında dini düşüncə, siyasi və mədəni düşüncələrə qalib gəlmişdir". Məmun öz xülasələrində Babək üsyanına səbəbiyyət verən cəhətləri aydınlaşdıraraq deyir ki, "Yunanıstanda olduğu kimi islam məmləkətlərində də milli mədəniyyət yerində din mədəniyyəti qurmaq fikri meydana atıldı. Ölkələri Həsəbaniyyə təriqəti yolu ilə yunan İskəndəriyyə məktəbinin məhsulu olan təsəvvüfün dərin çuxurlarına saldılar". Bəni Abbas xəlifələrinin hökumət quruluşunu tənqid edən bu huşyar və ağıllı xəlifə deyir ki, "xəlifələr ilahiyyat-islamiyyət fəlsəfəsini Yunanıstandan alıb ərəb dünyasına yaydıqları kimi, onu İran və Azərbaycan xalqlarına da eyni şəkildə yedirməyə çalışdılar. Onlar xalqın əhvali-ruhiyyəsilə hesablaşmayaraq, mədələrin bu ağır və ürək bulandırıcı qidanı həzm edib-edə bilməyəcəyini yoxlamadılar. Bu səbəblə də Babək və onun ətrafındakı ziyalılar İslam dininin doğurduğu yüzlərcə təriqətin Azərbaycanda mövcud fikir sərbəstliyinə əngəl törətməsinə soyuqqanlılıqla baxa bilmədilər. Heç şübhə yoxdur ki, onlar məzhəb ixtilaflarının mədəni düşüncəyə düşmən olduğunu bizdən daha əvvəl dərk edə bilmişlərdi. Məmun xəlifə ölkələrini təbəqələrə və mədəni səviyyələrinə əsasən müəyyən hissələrə ayırdığı zaman, Cənubi və Şimali Azərbaycanın vəziyyətinə toxunaraq xülasələrində belə yazır: "Xüsusən Azərbaycan məmləkəti qədriyyə, cəbriyyə və mötəzilə təriqət və məhzəblərinin cövləngahı kəsildi. Buna görə də mən Babəkin üsyanından xəbər tutduğum zaman qəlbən sevindim, lakin bu üsyan inkişaf etdikdən sonra babəkçilərin buraxdıqları böyük səhvlər məni düşündürməyə başladı. Babək və onun ətrafındakılar mübarizəni təriqət və məzhəb əleyhinə deyil, din əleyhinə başladılar. Halbuki onlar bir təriqəti o biri təriqətin köməyi nəticəsində məhv edə bilərdilər. Üsyan, dini və nəzəri əsaslar üzərində qurulmalı idi. Lakin Babək bunu qılınc və qoşun qüvvəti əsasında qurmaq istədi. Babəkçilər hər bir təriqət və məzhəbin özünə məxsus fəlsəfəsi olduğunu və bu fəlsəfələrin xalqın şüurunda kök saldığını nəzərə almadılar. Buna mən çox təəssüf etdim. Çünki təriqət və məzhəblər təsviyə olunduğu zaman din bir hökumət quruluşu şəklində qalacaqdı və ağlı başında olan xəlifələr onun mədəniyyət üçün əlverişli olmayan tərəflərini tədrici bir surətdə meydandan çıxara biləcəkdilər. Mən elə zənn edirəm ki, o zaman Babəkin ətrafında onun əsas məqsədini həyata keçirə biləcək, təriqət və məzhəbləri elmi surətdə rədd edə biləcək alimlər olmadığından, o qalibiyyəti ancaq silahda aramağa başlamışdı. Şübhəsizdir ki, belə bir mübarizədə silah təkbaşına qalib gələ bilməzdi". Möhtərəm şair, bu qədər tarixi və acı təcrübələri nəzərə aldığımız zaman, islahat dediyimiz işlərdə çox ehtiyatlı olmalıyıq. Baxınız Məmun xülasələri Babəkin səhvləri haqqında nə deyir?! "Babək üsyanının məğlubiyyət səbəblərindən birisi də onun dinə qarşı üsyan şəklində çıxaraq siyasi bir üsyan şəkli almasındadır. Hərgah indi də olmasa, gələcəkdə o məğlub ediləcəkdir. Babək elə düşünür ki, xəlifələr dini və təriqəti olduğu kimi müdafiə etməyə çalışır, buna görə də silahını din əleyhinə çevirdiyi zamanda xəlifə hökuməti üzərinə də çevirmişdir. Mən əvvəlcə bu üsyanı təbrik etdiyim halda, indi onunla mübarizəyə qərar vermişəm". Möhtərəm şair, bu səbəblə də mən məktubunuzda işarə etdiyiniz islahat məsələsinə çox diqqətlə yanaşmaq istəyirəm. Yazdıqlarınızın hamısını tarixin məhək daşından keçirib cavab vermək istədim. Bu səbəblə də Babək üsyanı tarixini tamamilə nəzərdən keçirmək lazım gəldi. Mən Məmun xəlifənin, öz vaxtının ağıllı bir islahatçısı olduğuna inanıram. O ikinci kərə xilafəti əlinə aldığı zaman din, təriqət və məzhəb məsələlərini bir daha nəzərdən keçirib islah etmək istədi. Sizin özünüzə də məlum olduğu üzrə Məmun Quran hökmlərinin islam xalqı üçün məcburi qanun olmadığı məsələsini meydana atmışdı. Lakin Məmunun bu gözəl fikri islam ölkələrində iki zidd hərəkətin yaradılmasına səbəb oldu. Onlardan birisi dinçilərin və təriqət müəssisələrinin Məmuna qarşı düşmənanə hərəkətindən, ikincisi də Azərbaycan ziyalılarının dərin bir ifrata qapılaraq din və hökumətə qarşı üsyan etmələrindən ibarət idi. Bu hərəkətlərin hər ikisi Məmunun islahat fikirlərini boğdu, məsələni nəticəsiz buraxdı. İndi Azərbaycanı təzədən qurmaq işində bu təcrübələr bir rəhbər olmalıdır. Sizin islahat üçün göstərdiyiniz təklifləri Atabəy Məhəmmədə yazacağam. Zənn edirəm ki, əlahəzrət Sultan Toğrul da buna maneə göstərməz. Sonra, Gəncə hakimi Əmir İnancın məsələsinə aid yazdığınız sətirlərdə deyirsiniz ki: "Mən, yoldaşım və bir də böyük şairə Məhsəti xanımdan ibarət olan üç nəfər, bir inəyin südü ilə gözəl bir surətdə yaşadığımız halda, Əmir İnanc bütün Aran məmləkətini bir inək kimi sağıb yeyirsə də yenə də doymur". Möhtərəm şair, hərgah Əmir İnanclar bir inəyin südü ilə kifayətlənsəydilər, o zaman onlar da Nizami olardılar, daha onlara Əmir İnanc deməzdilər. Məktubunuzla bərabər göndərdiyiniz bəzi əsərlərinizi aldım. Orada diqqətimi cəlb edən parçalardan birisi də Soltan Səncərlə qoca qadının hekayəsi oldu. Doğrudan da bu balaca hekayəniz göndərdiyiniz məktubun mündəricəsilə uyğundur. Həqiqətdə də səlcuqlar Azərbaycan məmləkətini, qoca qadının dediyi kimi, ağır və çıxılmaz bir vəziyyətə saldılar. Hazırda Azərbaycanı abad bir məmləkət şəklinə salmaq üçün sizin kimi ziyalı adamların ciddi köməyi lazımdır. Möhtərəm şair! Siz əhalini anlatmalısınız ki, hazırda hökumətə qarşı üsyan qaldırmaq və üsul-idarəni tamamilə rədd etmək Azərbaycan məmləkəti üçün böyük bir təhlükə yarada bilər. Çünki məmləkətin qonşularında məmləkətə qarşı böyük bir sui-qəsd hazırlanır. Yenə də sizdən məktub gözləyirəm. Nəsibim olursa, görüşüb əlinizi öpmək səadətinə nail olaram. Hələlik uzaqdan salam göndərirəm. Təbriz, Qızıl Arslan". Məktub oxunduqdan sonra Fəxrəddin şad bir tövr alaraq dedi: – Məktub olduqca qənaətbəxş bir məktubdur. Nizami isə fikirli bir surətdə məktubu büküb yazı heybəsinə qoyarkən: – Məktub o qədər də səmimi deyildir, – dedi. Fəxrəddin təəccüblə soruşdu: Nə üçün? Qeyri-səmimilik bunun harasındadır? – Bu məktub ancaq siyasət və dünyagörüşü cəhətcə savadsız adamların gözünü örtə bilər. Qızıl Arslan Babək üsyanından danışdığı vaxt deyir ki: "Mən, Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyurkən, bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm". Qızıl Arslan burada ya Babək üsyanının hansı ünsürlərdən mürəkkəb olduğunu bilmir, yainki Babəkdən sonra Azərbaycanda baş verən üsyanların mündəricəsilə tanış deyildir. Onun, Məmunun xülasələrindən alıb bizə məsləhət üçün göstərdiyi parçalar isə ya təhrif olunmuş və yaxud da başqa bir məqsəd daşımaqda olan müəyyən adamların fikridir, çünki Babək üsyanı bütün mahiyyəti ilə islam dini əleyhinə başlanmışdı. Şübhəsizdir ki, xəlifəlik islam dini əsasında qurulduğu üçün, xəlifələr bu dini müdafiə etməyə başlayacaqdı. Qızıl Arslanın Məmundan alaraq bizə aşılamaq istədiyi yanlış fikirlərin birisi də Babəkin dinə qarşı yox, təriqətlərə qarşı üsyan etməsinin zəruri olduğunu isbata qalxışmasıdır. Bu nə qədər gülünc bir səhvdir. Babək təriqətlərə qarşı elmi və fəlsəfi mübarizə açdığı zaman təriqət mübahisələri bir daha alovlanmağa başlayacaqdı. Lakin dinin əsasına qarşı qoyulan üsyan ən doğru bir yol idi, çünki dünyada bir təriqət yoxdur ki, o, dinə istinad etməsin, dinin yıxılması bütün təriqətlərin yıxılması deməkdir. Qızıl Arslan məktubunda Babək üsyanının hökumət əleyhinə çevrildiyi üçün məğlub ola bildiyini göstərməklə bizi qorxutmaq istəmişdir. Məktubda məni qənaətləndirəcək bir cəhət vardır ki, o da Qızıl Arslanın "Azərbaycanlılar bizi öz hökumətləri kimi tanımazsa, müdafiə etməz" deməsidir. Onlar ağıllı və siyasət bilən adamlar olarsa, ancaq yuxarıdakı iddialarını həyata keçirdikdən sonra Azərbaycan hökuməti hesab ediləcəklər. Bizim təbii hüdudlarımız tamamilə Azərbaycan atabəylərinin əlindədir. Zənnimcə, onlar Şirvan şahlığı məsələsini təsviyə edə bilərlər. Qızıl Arslanın milli mədəniyyət barəsində qoyduğu məsələlər də əsas məsələdir. Müəyyən və möhkəm bir quruluşla idarə edilməyən və bir mərkəz ətrafında yığılmayan kiçik-kiçik məmləkətlərdə islahat aparmaq olmaz. Qızıl Arslanın səlcuqilərin hökumət quruluşları barəsindəki fikirləri tamamilə doğrudur. Hər halda mən ikinci məktubumda, onun bəzi səhvlərini qeyd edəcəyəm, zənn edirəm ki, o bundan inciməz. Fəxrəddin də: – Bütün fikirlərinlə razılaşıram! – dedi. * * * Süleymani On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi. Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri döyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb, saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı. Xacə Müfid otağa girərkən Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. O, qaranlıq otaqda titrəyərək xacə Müfidin nə üçün gəldiyini bilməyə tələsirdi. Xacə Müfid şamı yandırıb Dilşadın bucağa qısıldığını görərkən adəti üzrə güldü. O, gözəl cariyələrin bu vəziyyətindən daima ləzzət alırdı, hətta cariyələr cəzalandığı zaman tökdükləri göz yaşından o nəşələnərdi. Bunun üçün də istədiyi zaman istədiyi cariyələrin haqsız və təqsirsiz cəzalanmasına səbəb olur və ruhi bir ləzzət alırdı. Dilşadı qorxudan da həmin bu məsələ idi. Xacə Müfid irəli gəldi, əlini uzadıb Dilşadın açıq saçlarını sığallamaq istədikdə qızın əndamı titrədi, əti çimçəşdi. Xacə Müfid bu nəvaziş və bu gülüşləri Dilşadın həyəcanını heç də azaltmadı. Çünki xacə Müfid cariyələri döydürməyə və cəzalandırmağa da belə gülərüzlə aparırdı. İndi Dilşad onun bu saxta nəvazişlərini görərkən cəzalandırmaq üçün aparılacağına şübhə etmirdi. Xacə Müfid hər nə edirsə etsin, Dilşad yenə də onun ağzına baxır və əmrinin intizarını çəkirdi. O, qorxusundan şəkil kimi quruyub divara yapışmışdı. Lakin xacə Müfid qızın həyəcan və intizarını nəzərə almayaraq, çox laqeyd hərəkət edirdi, çünki belə hallarda cariyələri intizarda qoymaq özü də bir cəza idi. Xacə Müfid əlində şam, bir şey itirmiş adamlar kimi, Dilşadın otağını gəzdi, qızın paltarlarını, zinət şeylərini gözdən keçirdi, hər şeyin yerində olub-olmamasını yoxladı. Adətən gözəl cariyələrə verilən qiymətli paltarları, qiymətli daş-qaşları tez-tez yoxlayırdılar ki, onlar başqa bir kəsə verilməsin. Şeylərin hamısı öz yerində idi. Xacə Müfid onların hamısını Dilşadın yatacağı ilə yanaşı duran kürsünün üstünə yığıb, Dilşada baxdı, yenə də gülməyə və onun saçlarını sığallamağa başladı. Dilşadın bağrı çatlamaq dərəcəsinə gəlmişdi; o qışqırmaq istəyirdi. Nəhayət, xacə Müfidin dodaqları hərəkətə gəldi. Çox yavaşdan, hətta eşidilməz bir tərzdə dedi: – Qorxma, götür nə deyirəmsə yaz! Dilşad birinci dəfə idi ki, xacə Müfidin dilindən "qorxma" sözünü eşidirdi. Buna görə də xacə Müfidin bu sözü onun həyəcanını deyil, təəccüb və heyrətini artırdı. Ona görə ki, xacə Müfid bütün ömründə heç bir kəsin həyəcanının sakit olmasına imkan verməzdi, o, daima cariyələri qorxu və həyəcanlar içərisində yaşatmağı sevərdi. O, gözəl cariyələrin ürək çırpıntısı içərisində qıvrıldıqlarını hiss edərkən, daima ruhən, qəlbən şadlanardı. Xüsusən o, cariyələrin gözəl olanlarını heç də sevməzdi, buna görə də onun cəzasına düçar olanların hamısı gözəl cariyələr idi. Onun özü xacə olduğu üçün qadınlara nifrət edirdi. Qadınlar onun birinci düşməni idi. O, özünün məhrum olduğu bir nemətin məhvini və başqalarına qismət olmamasını istəyirdi. Dilşadı Müfidin "qorxma" deməsi deyil, gecədən çox keçdiyi üçün Əmirin yanına getməmək əmniyyəti sakit edirdi, çünki Əmirin hüzuruna istintaqa getmək və ya işgəncə verilmək üçün aparılmaq zamanı keçmişdi. Əmirin özü də, saray xalqı da sərxoş olub çoxdan hərə öz yatağına çəkilmişdi. Əmirin rəqs və şərab salonunun çilçıraqları da söndürülmüşdü. Buna görə də işgəncə verilmək üçün aparılmayacağı Dilşadı sevindirirdi. Çünki Əmir cariyələri cəzalandırdığı zaman rəqqasələr rəqs edər, saqilər şərab paylar, xanəndə qızlar oxuyar, müqəssir cariyə isə Əmirin oturduğu kürsünün ayaqlarına atılıb döyülərdi. Əmir isə çalğı tərənnümlərinə həmahəng olan o ağlayış və yalvarış səslərindən nəşə alardı. Dilşadı isə görünür, başqa bir hadisə gözləyirdi. Xacə Müfid bir daha irəli gəlib əllərini onun saçlarında gəzdirərək: – Otur, otur, ağılsız və vəhşi ceyran, – dedi. – Gözəl olduğun qədər də ağılsızsan. Bu da təbiidir. Təbiətdə bərabər olan heç bir şey yoxdur. O bir şeyi insana artıq verəndə, o biri şeyi azaldır. Lakin insanda gözəllik yerinə ağıl olsaydı, başı səninki kimi bəla çəkməzdi. Sənin ağılın azlığı bir çox acı təcrübələrdən sonra da gözünün açılmasına imkan vermədi. Bu da təbiidir, gözəl qızlar öz zahiri gözəlliklərinə güvənərək ağlın və fərasətin gözəlliyinə əhəmiyyət verməzlər. Sən də elələrindənsən. Sənin təqsirin gözəlliyindən bir neçə qat böyükdür. Çünki öz vəliyülnemətinə xəyanət etdin. Sən bu hərəkətinlə özünü ən yaramaz bir qız kimi göstərdin. Xəlifənin qadını Safiyə xatunun namusunu ləkələmək və onu Əmirin gözündən salmaq istədin. Sən, Fəxrəddinin göstərişi ilə Əmirin katibi Mühakim ibn-Davudun möhürünü qələmdanından oğurlayıb, öz xanımın Safiyənin otağına atdın. Bu iş sənin işin idi. Sən bu xəyanətinlə xəlifə ilə Əmir həzrətləri arasında ixtilaf çıxarmaq istəyirdin. Əmiri də, onun qadınını da bədbəxt edirdin. Sən bir də kişilərin sevirəm demələrinə aldanma, onlar az bir mənfəətdən ötrü başqasının varlığını sata bilərlər. Fəxrəddinin son hərəkəti də bunu göstərdi. İndi de görüm, bütün bu təqsirlərin cəzası nədir? Sən bilirsən ki, bu cür işləri üçün Tərxan xanımı çuvala salıb hovuza atdılar. Sənin öz gözünün qabağında Lamiə xanım kimi gözəl bir qızı Mərcan kimi iyrənc bir qara qulun otağına atdılar. Halbuki sənin təqsirin onların təqsirindən bir neçə qat artıq idi. Sən gərək Güləndam kimi gözəl bir cariyənin yanaqlarına dağ basıldığını yadından çıxarmayaydın. Lakin sən nə qədər ki, öz bədbəxtliyinə çalışırsan, xoşbəxtlik yenə də inad göstərib, sənin yanından çəkilmir. Bəxtin səni daima əfvedilməz günahların cəzasından azad edir. Xacə Müfid çox danışdı, yoruldu, nəhayət, sağ əlini belinə qoyub kürsülərin birinin üzərinə oturdu. Dilşad isə sükutdan istifadə edib danışdı: – Mənə cəza verildiyi zaman, həbsə alındığım zaman demişəm, yenə də deyirəm. Mənim bu işlərin heç birisindən xəbərim yoxdur. Əbəs yerə məni və Fəxrəddini bunun üçün təqsirləndirirsiniz. Xacə Müfid başı aşağı olduğu halda altdan yuxarı gözlərini qaldırıb Dilşada baxdı və dedi: – Ay şeytan balası, şeytan! Sən bilirsən ki, mən saraydakıların hamısını beş barmağım kimi tanıyıram. Cariyələrin başında nə qədər tük olduğunu belə bilirəm. Bunların hamısı keçib gedibdir. Sən Zübeyrə və Tahirə kimi buzlu hovuza salınıb döyülmədin, çünki sən xoşbəxt idin. İndi də xoşbəxtsən. Çünki Əmir səni Fəxrəddinə vermək üçün razı olubdur, mən də bu məsələni səninlə danışmaq üçün gecənin bu zamanı yanına gəlmişəm. Dilşad şadlığından qışqırmaq istədi. Sevindiyindən hönkür-hönkür ağladı, xacə Müfid isə: – Otur, dediklərimi yaz! Gecə keçir, otaqları gəzmək və yoxlamaq lazımdır, – dedi. – Nə yazım? – Əmirin bu izdivaca riza verməsini Fəxrəddinə xəbər verməlisən. – Bu məktubu yazmaq mənim üçün bir qorxu və bir təhlükə təşkil etməzmi? – Bunu sənə xacə Müfid deyir. Burada nə qorxu var, nə təhlükə. Götür, yaz! – Qələmdan və kağız yoxdur. – Buyur, mən gətirmişəm. Xacə Müfid cibindən qələmdan və kağızı çıxarıb Dilşada verdi. Dilşad xacə Müfidin dediklərini yazıb bitirdi, xacə Müfid isə: – Oxu, görüm, nə yazdın! – deyə əmr verdi. Dilşad oxudu: "Əziz və möhtərəm Fəxrəddin! Bilərək və bilməyərək buraxdığım səhvlərə baxmayaraq, Əmir həzrətləri yenə də mənim xoşbəxtliyimə mane olmaq istəmədi. Əmir də, onun möhtərəm hərəmi Safiyə xatun da mənim günahlarımı öz nəcib və müqəddəs ürəkləri ilə bağışladılar. Əmirin verdiyi əmrə görə Ramazan ayı çıxan kimi bizim xeyir işimiz baş tutacaqdır. Məktubu sənə hazırlıq görmək üçün yazıram. Demək, iyirmi günlük bir müddətdən sonra, bizim həyatımız birləşəcəkdir. Səni təbrik edirəm, sən də məni təbrik edə bilərsən. Sənin Dilşadın". Xacə Müfid məktubu alıb bükdü və gülə-gülə cibinə qoydu. Dilşad hər bir əziyyət və işgəncənin bitdiyini zənn edirdi. O, sevindiyindən xacə Müfidin əllərini öpür və ayaqlarına düşmək istəyirdi. Lakin bu şadlığın müddəti bir neçə dəqiqədən artıq olmadı. Xacə Müfid ayağa durduğu zaman: – Gecə keçir, indi hazırlanmaq lazımdır, – dedikdə, Dilşad təəccüblə soruşdu: – Nə üçün indidən hazırlanmaq? Hazırlanmaq üçün əlimizdə olan iyirmi günlük imkan kifayət deyilmi?! – Bu hazırlıq başqa hazırlıqdır. İndi də sənə başqa bir xoşbəxtliyin müjdəsini verəcəyəm. – Hansı xoşbəxtliyin? – Əmir həzrətləri səni öz qayınatası Müstərşidbillaha hədiyyə göndərir. Səni cəzalardan qurtaran səbəblər də bundan ibarət idi. Dur, hazırlan, köçmək vaxtına çox az qalır. Dilşad bu xəbərdən titrəyib oturdu, ağlaya-ağlaya dedi: – Bu xəbər mənə veriləcək cəzalardan daha dəhşətlidir. Rica edirəm, mənə rəhm edin, məni məhv etməyin, bu səfəri bir və təxirə salın. – Heç də mümkün deyil, Bağdada göndərilən bir sən deyilsən, Süsən də gedir. Qırx nəfər başqa cariyə də göndərilir. Əmir məsələnin təxirə salınmasına icazə verməmişdir. – Bəs məktubu nə üçün yazdırdın? Vicdansız, şeytan, haramzadə... Xacə Müfid bu söyüşdən gülərək dedi: – Bu dünya belədir. Mələikələr və peyğəmbərlər kimi yaşamaq yerdəkilərə nəsib ola bilməz. Yerdə ancaq bizim kimilər yaşaya bilər. Lakin şeytan olmadan xoşbəxt yaşamaq hələlik yer əhlinə nəsib ola bilməmişdir. Vicdansız deyə məni söyməkdə haqlısan, ancaq onu bilməlisən ki, vicdan da, ruh da, qan da hamısı ağanın xidmətindədir. Vicdan göstərişilə yaşamaq bir adam Allah qədər qüvvətə malik olmalıdır. Vicdan daşımaq, tabe olanlar üçün mümkün deyil. Əmir belə əmir edir. Onun qarşısında əyilən zahirdə mənim başım isə, batində mənim vicdanımdır. Lakin bu vicdan hər kəsə yamanlıq etsə də, sənin haqqında yaxşılıq edir. Elə ki, sənin təmiz bətnindən dünyaya cahanı idarə edəcək xəlifələr gələcək, o zaman mənim nə qədər sənə mehriban olduğumu yəqin edəcək və mənə dua-xeyir verəcəksən. Əmirəlmöminin xəlifə həzrətləri sənin bu nar məmələrinlə əyləndiyi zaman sən xacə Müfidi xatırlayacaqsan, çünki onlar mənim nəzarətim altında bəslənmişdir. Mən sənin incə dodaqlarının qara qulların dodaqlarında çeynənməsinə imkan verməmişəm, sən o dodaqları xəlifənin dodaqlarında gördüyün zaman bu fəqirə dua edəcəksən. Hələ qönçə ikən sənin gülünü dərmək istəyirdilər. Gül olduğun zaman Əmir həzrətləri səni şərəfləndirmək istəyirdi. Mən mane oldum, çünki sənin gülünü adi adamlar dərə bilməzdi, bu qiymətli gülü xəlifə həzrətləri öz tacına taxmalı idi. Sən niyə də şad olmayasan?! Hazırda iqbal öz nicat əlini uzadıb səni kədərlərin, işgəncə və cəzaların pəncəsindən qopararaq, müqəddəs bir həyatın qoynuna və xəlifənin nurani qucağına doğru aparır; o qucaqda həm dünyanın, həm də axirətin səadəti vardır. İndi çox danışmaq vaxtı deyil, dur, hazırlaş, mən bir azdan sonra qayıdacağam. Lazım olan şeylərini bir yerə yığ. Başqa cür düşünmək yersizdir. İnsan hadisələrin nökəridir, hadisələrsə qəza və qədərdir, ondan boyun qaçırmaq olmaz. Sən hələlik həyatı anlamırsan, ancaq birinci olaraq xəlifənin hərəminə daxil olduğun zaman sənin həyatın başlanacaqdır. Xəlifənin şərəfinə nail olaraq qadınlıq dövrünə qədəm qoyduqdan və sədəfdən saf olan bətninə insan şəbnəmi düşdükdən sonra dünyaya nadir dürlər, incilər atdığın zaman qoca xacənin verdiyi öyüd və nəsihətlərin qiymətini biləcəksən. Sevgi yalan bir kəlmədir. O, gənclik dövründəki dəliliyin ibtidai bir şəklidir. Xacə Müfid gedəndən sonra Dilşad dəhşətindən dəli olmaq dərəcəsinə çatırdı. Bu xəbəri Fəxrəddinə nə vasitə ilə yetirəcəyini düşünürdüsə, bir çarə tapa bilmirdi. Dilşad ağlayır və qəlbində Fəxrəddinə acıqlanıb deyirdi: "Sən məni doğrudan da sevsəydin, indiyə qədər buradan alıb aparardın, görünür, xacə Müfidin dedikləri tamamilə doğrudur. Sən məni sevsəydin, mən bu gecəki hadisənin qarşısında tir-tir titrəməzdim". Dilşad bunları düşünərkən xacə Müfid əlində bir bağlama içəri girdi, onu kürsünün üstündə qoyub dedi: – Bunlar sənin yol paltarlarındır. Bu cavahiratı, bu inciləri, bu almazları da xəlifə hüzuruna getdiyin zaman üstünə taxmalısan. Xacə Müfid Dilşada soyunub yol paltarlarını geyinmək üçün imkan verdi, qapını örtüb dəhlizə çıxdı. Dilşad soyunub yol paltarlarını geydiyi dəqiqələrdə, yenə Fəxrəddini xəbərdar etmək barəsində düşünürdü. Geyindi, Fəxrəddinin yadigar verdiyi gərdənbəndi bir dəsmala büküb qoynuna qoydu. Xacə Müfid otağa girib, onun şeylərini bağlayaraq götürdü və dedi: – İndi dalımca gəl, burada özünü yaxşı aparmadınsa, xəlifə sarayında yaxşı apar. Bağdadı Gəncə hesab etmə, orada həyat tamamilə başqadır. Orada gözəllik nə qədər qiymətlidirsə, ağıl və fərasət də qiymətlidir. Səndən daha gözəl şəkilləri rəssamlar çəkə bilər. Sən hərgah xəlifənin qəlbini ələ ala bilsən, bütün Bağdadı əlinə almış olacaqsan. Lakin özgənin sözünə baxsan, gözü dağınıq olsan, xəlifəyə məxsus cavahiri başqalarının boynuna salmaq istəsən, səadətini həmişəlik itirəcəksən. Xacə Müfid otaqdan dəhlizə çıxdı. Saraydan küçə qapısına gələnə qədər Dilşada bu nəsihətləri verirdi. Küçəyə çıxdıqları zaman Dilşad qapıda bir neçə taxt-rəvanın dayandığını gördü. Taxt-rəvanları silahlı qulamlar və atlılar aralığa almışdı, çünki Əmir İnanc Fəxrəddinin Dilşadı qaçırmağa hazırlaşdığını eşitmişdi. Xacə Müfid Dilşadın şeylərini birinci taxt-rəvana qoydu, sonra qızın qolundan tutub taxt-rəvanın pillələrindən yuxarı qaldırdı. Taxt-rəvan ipək pərdə və nəfis xalçalarla bəzənmişdi. Dilşad orada iki dəst yorğan-döşəyin qoyulduğunu görüb Müfidə sual verdi: – Burada kim gedəcəkdir? – Burada bir sən, bir də sənə xidmət etmək üçün məşşatə gedəcəkdir. Bir azdan sonra məşşatə də taxt-rəvana çıxdı. Xacə Müfid məşşatəyə müraciət edib tapşırıq verdi: – Əmir həzrətləri bu qızı sənə tapşırır. Buna çox ciddi diqqət verməlisən. Bunun yeməyi, içməyi və bütün ehtiyacları öz vaxtında yerbəyer edilməlidir. Müfid bu sözləri deyib taxt-rəvandan düşdü. Taxt-rəvanlar yola düşdü. Bütün şəhər yatmış, ay isə Kəpəzin arxasına çəkilmişdi. Küçələrdəki qarovulların hərəsi bir bucağa qısılıb mürgüləyirdi. Hər ehtimala qarşı taxt-rəvanların pərdələri salınmışdı. Lakin Dilşad taxt-rəvanların ətrafında gedən atlılara hiss etdirmədən, pərdənin yanını qaldırıb hansı küçə ilə getdiyini öyrənməyə çalışırdı. Taxt-rəvanların karvanı Məsudiyyə adlı xərabə karvansaranın qarşısından keçirdi. Gəncə səfilləri və şəhər dilənçiləri yan-yana düzülərək, divarların dibində yatmışdılar. Dilşad bu yerdən keçərkən Fəxrəddinin ona yadigar verdiyi süleymanini dəsmalın içərisində dilənçilərin üstünə atdı. Qəlbi qismən sakit oldu, çünki qiymətli şeyi bölüşdürmək üçün dilənçilərin arasında ixtilaf çıxacaq və belə bir qiymətli şeyin dilənçilərin əlinə nə vasitə ilə düşdüyü ətrafa yayılacaqdı. Süleymaninin üzərində "Fəxrəddindən sevgili Dilşada yadigar" sözləri yazılmışdı. * * * Aran Gəncə şəhərində böyük bir həyəcan var idi. Azərbaycanda mövcud olan itaətsizliyi ləğv etmək üçün göndərilən İraq və fars qoşunundan 5 min nəfər də Aran ölkəsində yerləşdirilmişdi. Atabəy Məhəmməd tərəfindən göndərilən bu dəstə Əmir İnancın göstərişi ilə hərəkət edir, vaxtilə vergidən boyun qaçıran kəndliləri cəzalandırır və qarət edirdi. Həbslərin və sürgünlərin sayı-hesabı yox idi. Minbərlərdə xəlifə Toğrul və Atabəy Məhəmməd adına xütbə oxutdurmamaq üstündə üsyançı kəndliləri qırıb məhv edirdilər. Lakin Gəncə şəhərində mövcud olan itaətsizliyi təsviyə etmək mümkün olmamışdı; çünki Gəncə ziyalıları və orada toplanmış xalq rəhbərləri, özlərinin yerli hökumət tərəfindən aldadıldığını yəqin edincə, acıqlanmış və itaətsizliyə başlamışdılar. Vaxtilə, – sürgün edilmişdir – deyə şöhrət tapan Gəncə xətibi Məkkədən qayıdıb şəhərə gəlmişdi. Xalqın intiqamından qorxub Şirvanşahların himayəsinə pənah aparan müridlər Gəncəyə yığışıb, əllərində ağac, dəstələrlə küçələri gəzir və qabaqlarına keçənləri döyüb təhqir edirdilər. Alimlər, şairlər, incəsənət işçiləri camaat gəzən yerlərə, məscidlərə və səyahət yerlərinə getməkdən məhrum edilmişdilər. Müridlər Məhsəti xanımın Gəncədən köçürülməsi üçün yenə də Əmir İnanca müraciət etməyə başlamışdılar. Lakin Əmir İnanc Azərbaycan hökmdarı Qızıl Arslanın şeir və ədəbiyyata qiymət qoyduğunu, Məhsəti və Nizamiyə hörmət bəslədiyini eşidincə xətibə məsələni anlatdı, müridlərin bu təcavüzünə imkan verə bilməyəcəyini xatırlatdı. Xətibin Gəncəyə qayıtmasilə xalqın hökumətə qarşı bəslədiyi nifrətin alovları bir daha artmış oldu. Əmir Gəncədə təzə bir üsyan çıxmasına imkan verməmək və biət almaq üçün Gəncə xalqına rəhbərlik edənləri məscidə dəvət etmişdi. O, xalqı həm qorxutmaq, həm də təzə xanədana itaət etdirmək üçün nəsihət vermək istəyirdi. Məscidə Fəxrəddin də dəvət edilmişdi. Dilşadın ona göndərdiyi məktub onun Əmirə qarşı mövcud olan şübhələrini azaltmışdı. O, məktubun Dilşad tərəfindən yazıldığına inanırdı. Məktub Dilşadın öz xəttilə yazılmışdı. Fəxrəddin Əmirin çağırdığı müşavirədə iştirak etsəydi, Əmirin əleyhinə çıxış etməməli idi. Onun çıxışı hər halda Dilşadın vəziyyətini ağırlaşdıracaq, bəlkə də, Əmir onların izdivacına verdiyi razılığı geri götürəcək idi. Fəxrəddin bunları düşünürdü. O, Dilşada olan sevgi və duyğularını nə qədər səfərbər edirsə-etsin, Əmir İnancın bu sevgiyə verdiyi imkanları nə qədər qiymətləndirirsə qiymətləndirsin, yenə də Əmir İnancın və onun Atabəyi Məhəmmədin Azərbaycandakı hərəkətləri ilə barışa bilmirdi. O, xalq azadlığının ərəb mizraqları, fars və İraq qılıncları altında məhv edilməsinə soyuqqanlılıqla baxa bilmirdi. O, bu vəziyyət qarşısında acizləşmişdi. Qəhrəmanlığına baxmayaraq yazıq və həyatın bütün imkanlarını uduzmuş adamlar kimi nə edəcəyini bilmirdi. Əmirin əleyhinə hərəkət etmək fikrini qərarlaşdırdığı zaman sanki Dilşad gəlib gözünün qarşısında durur: – Fəxrəddin, özünü ələ al, Əmir öz sözünü geri götürərsə, mən məhv olaram, – deyirdi. Lakin Dilşadın saçlarını sığallayıb, fikrində: "Dilşad, mənə inan, sənin sevgin mənə hər şeydən artıqdır", demək istədiyi zaman, dilənçi halına gətirilən minlərcə ailələrin qız və qadınları Fəxrəddinin gözünün önündə təcəssüm edir və xalqın kürəyində səslənməkdə olan qamçı və mizraq səsləri Dilşadın yalvarış səslərini örtürdü. Nizami, məscidə bərabər getmək üçün Fəxrəddinin yanına gəldi. O, Fəxrəddini öz təbii halında görməyərək soruşdu: – Səni təbii halında görmürəm. – Doğrudur, fikirliyəm. – Nəyin fikrini edirsən? – Xoşbəxtliyimiz baş tutur. – Hansı xoşbəxtliyiniz? – Dilşad ilə olan xoşbəxtliyimiz. – İzdivac məsələsinimi deyirsən? – Bəli, onu deyirəm. Səncə, o, sadə bir xoşbəxtlikmidir? – Baş tutarsa, böyük xoşbəxtlikdir. – Ona mən də inanmırdım. Lakin indi inanıram. – Təzə xəbərmi var? – Var, çox da gözəl xəbər! – Ayıq ol ki, bu xəbər Səba xanım gətirən xəbərlərdən olmasın. – Yox, bu xəbər deyil, Dilşadın özünün yazdığı məktubdur. Gizlin bir söz yoxdur, alıb oxuya bilərsən. Fəxrəddin cibindən Dilşadın məktubunu çıxarıb inandırıcı bir tövr ilə Nizamiyə uzatdı. Nizami məktubu alıb çox diqqətlə oxudu, məktubu əlində saxlayaraq qaşlarını qoşalaşdırdı və bir az fikir etdikdən sonra: – Məktub Dilşad tərəfindən yazılmışdır, buna şübhə yoxdur. Lakin bu məktub bir səbəbsiz deyil. – Səbəb odur ki, Əmir bununla məni xəbərdar etmək istəmişdir. Bu da ki, hazırlıq görmək üçündür. – Yox, Fəxrəddin, inana bilmirəm. Mən səni bu qədər də avam və sadə bilmirdim. Sən Əmir İnancı tanımırsanmı? Onun xəlifəyə yazdığı məktubu oxumadınmı? Vaxt qazanmaq üçün Dilşadı sənə vədə verdiyini başa düşmürsənmi? Necə olur ki, Əmir İnanc mövqeyini möhkəm etdiyi və arxasında hədsiz-hesabsız bir qoşun durduğu zaman heç bir təzyiq olmadan özü məktub göndərib, Dilşadı sənə verir? Mən bunu bir hiylə hesab edirəm, mənə inan, bu məktub böyük bir hadisə ilə əlaqədardır. Mən istərdim ki, dostum qılınc və mizraq qəhrəmanı olduğu kimi, tədbir və düşüncə qəhrəmanı da olaydı! Özünü şaşırma, mən elə bilirəm ki, Dilşad Gəncədə deyildir. Məktub isə səni iğfal etmək üçündür. – Dilşad məni iğfal etməkmi istəyir?! Buna kim inana bilər?! – Səni Dilşad iğfal etməz, biləks onu iğfal edib bu məktubu yazdırarlar. Fəxrəddin fikrə qərq oldu, bu fikrin təsiri ilə də ağzından bu sözlər çıxdı: – Gedəcəyəm də, bildiyimi danışacağam da – dedikdə Nizami dərhal onun nə barədə düşündüyünü anladı və gülərək dedi: – Xalq susduğu zaman sənin danışmağın sükutu pozar, xalqın fikrinə təkan verər, lakin rəhbərlər susduğu zaman xalq düşmənin haqlı olduğu qənaətinə gələrək, rəhbərləri ata da bilər. Cəbhədə qılınca, məclisdə gözəl və dəyərli nitqə malik olanlar qəhrəmandır. Bizcə, xalqın gələcəyi və müqəddəratı nə qədər dəyərsiz və yoxsul olursa olsun, o yenə tək bir şəxsin zəngin müqəddəratından dəyərli və qiymətlidir. Halbuki bu kimi iclaslarda bütün Şərqdə nümunəvi və yüksək bir mədəniyyətə malik olan Azərbaycan xalqının müqəddəratı həll edilir. Bizim mədəniyyətimizi sönmüş və geri qalmış fars və ərəb mədəniyyətilə bir qaba yerləşdirmək istəyənlərlə açıq danışmaq lazımdır. Biz irəlidəyik, bizi bir daha geri qaytarıb ərəb mədəniyyətinin qabığına soxmaq istəyənlər səhv edirlər. Bunu onlara anlatmaq lazımdır Bu isə açıq danışmaqla mümkündür. Ərəblər bizə din gətirdilər, qəbul etdik, təriqətlər, məzhəblər gətirdilər, qəbul etdik, lakin dillərini, mədəniyyətlərini qəbul etməyəcəyik, çünki bizim mədəniyyətimiz öz dilimizin əsasında qurulmuşdur. Biz təriqətləri və onların doğurduğu tükənməz mövhumatı ancaq mədəniyyətimizin vasitəsilə təsviyə etməliyik. Düşmənlərimiz bizi iranlılarla müqayisə etməməlidir. Onlar istilaçı İskəndəri peyğəmbər deyib göylərə qaldırdıqları halda, biz bunun əksinə olaraq ərəblərlə dörd yüz ildən bəridir vuruşuruq və müharibəmiz indi də davam edir. Mən əminəm ki, nəhayət, qalib də gələcəyik. Dur ayağa, vaxtdır, məscidə getmək lazımdır. Bütün Aran ölkəsinin gözü bizim ağzımızdadır. Qalx, deyirəm, qalx! Nizaminin nəsihətləri Fəxrəddinin qanında heç bir zaman duymadığı bir coşqunluq yaratdı. Şad və qüvvətli bir ürəklə evdən çıxıb məscidə gəldilər. Məsciddə əhali əlindən yer yox idi. Aran şəhərlərinin hamısından nümayəndələr gəlmişdi. Nizami və Fəxrəddin məscidə daxil olduğu zaman, hamı ayağa qalxdı. Şairə və qəhrəmana qarşı bu ehtiram hökumətə qarşı açıq bir nümayiş şəklini aldı. Gəncə qazisi Əmir İnancın tapşırığına görə minbərə çıxdı. Xəlifənin, Toğrulun və Atabəy Məhəmmədin adına uzun bir xütbə oxudu. Sonra da camaatı xəlifənin, Toğrulun və Atabəy Məhəmmədin itaətinə çağırdı. Xütbəsində hökmdarın ədalətindən, Atabəy məmləkətlərinin abadlığından danışandan sonra üsyan məsələlərinə keçərək dedi: – Bəzi quldurlar, qaçaqlar və soyğunçular hökumətə yağı olduqları üçün, Allah bəndələrinin rahətini pozurlar. “Təzə qanun verin!” deyib qışqıranlar öz sözlərini açıqdan demək istəmirlər. Onlar “Təzə qanun verin” deyəndə köhnə qanunun ləğv edilməsini istəyirlər. Burası bütün Aran xalqına məlumdur ki, peyğəmbər-zişanın tətbiq etdiyi qanunlardır. Lakin avam xalq onların “təzə qanun” sözü ilə nə demək istədiyini bilmir. Hərgah bilsəydilər, onların sözlərinə baxmazdılar, onları döyüb xalq arasından çıxarardılar. Lakin nə olubsa keçib gedibdir. İndi xəlifənin və Atabəyin mərhəməti Aran xalqına şamil olubdur. Xəlifə bütün günahkarları bağışlamış və şəhərlərdə sakitliyi bərpa etmək üçün öz qoşunlarını göndərmişdir. Qazidən sonra Əmirin özü də, veziri Toxtamış da danışdılar. Danışıqlar mövzu və mündəricə etibarilə bir-birindən o qədər də fərqli deyildi. Rəsmi şəxslərin danışıqları bitdikdən sonra əmir yenə də Aran nümayəndələrinə müraciətlə Soltan Toğrula və Atabəy Məhəmmədə biət etmək məsələsini qoydu. Lakin biət etmək üçün nə yerindən tərpənən, nə də danışmaq istəyən yox idi. Fəxrəddin danışmaq üçün icazə istədikdə Əmir çox məmnuniyyətlə ona söz verdi, çünki Əmir Dilşad tərəfindən göndərilən məktubla Fəxrəddinin hökumət əleyhinə olan fikrini dəyişdiyini zənn edirdi. Fəxrəddin ayağa qalxıb minbərin yanına getdi və danışmağa başladı: – Burada danışılan məsələlərin hamısına ayrı-ayrılıqda cavab vermək lazım deyil, çünki hər kəs eyni bir məsələ haqqında danışdı. Mənə belə gəlir ki, danışanların hamısı ilhamını bir mənbədən almışdır. Buna görə də mən danışan cənabların çox müəmmalı olan fikirlərini qismən izah etməyə çalışacağam. Zənnimcə, bu izahatdan sonra təzə xanədana biət etmək məsələsi və bunun hansı şərtlə mümkün olacağı öz-özünə həll ediləcəkdir. Əvvəla, bunu demək istəyirəm ki, xəlifənin fərmanı gəldiyi zaman bizim biətdən boyun qaçırmağımızın səbəbi var idi. Çünki biət etmək qayibanə şəkildə doğru olmazdı, xalq biət etdiyi zatı görüb tanımalı idi. Hazırda isə məsələ aydındır. Hökmdarın özünü görməsək belə, biət məsələsini müzakirəyə qoya bilərik. Çünki təzə xanədan bu bir neçə ayın ərzində öz simasını göstərmişdir. Mən Aranın hər tərəfindən bura toplanmış nümayəndələrə müraciət edərək onlara sual verirəm: – Bizə nə kimi hökmdar, nə kimi bir üsul-idarə lazımdır? Fəxrəddinin bu sualına heç kəs cavab vermədi. Fəxrəddin öz nitqini davam etdirib dedi: – Cavab verən yoxdursa, mən verdiyim sualın cavabını özüm verə bilərəm. Bizə nə kimi bir hökmdar və nə kimi bir üsul-idarə lazımdır?! Azərbaycan xalqı öz tarixini bilməyəcək qədər küt və savadsız xalq deyildir. Bizim mədəniyyət və tariximizin inkişaf dövrünə aid olan vəsiqələr, istilaçı ərəblər və cahangir iranlıların vurduğu zərbələrə baxmayaraq tamamilə aradan qaldırılmamışdır. Cahangirlərin qılınc, mizraq, ox və nizələrlə tabe edə bilmədikləri bu ölkə, xarici ölkələri öz sənaye məhsulları ilə doyuran və dünyanın hər tərəfindən tacirlər cəlb edən mədəni ölkə olmuşdur. Azərbaycan şəhərləri vaxtilə dünya ticarətinin bitməz bir anbarı vəzifəsini daşımışdır. Bacərəvan-Kəştasfi, Məhmudabad, Bərzənd kimi böyük ticarət bazarları cahangirlərin at təpikləri altında sürtülüb yerlə yeksan oldu. Artıq Qərb ölkələrindən Qara dəniz vasitəsilə Qarabağ, Gəncə və Şamaxıya gələn tacirlərin əvəzinə, cənubdan əli qılınclı ərəblər və farslar gəlməyə başladı. Biz azərbaycanlılar öz evimizdə rahat yaşamaq əvəzinə dörd əsrdən bəri ərəblər, farslar, səlcuqilər və sairələrlə ölüm-dirim müharibəsi aparırıq. Hazırda bizə elə bir hökumət lazımdır ki, Azərbaycan xalqının arzularını həyat keçirsin və xalqın öz vətənində rahat yaşaması üçün imkan yaratsın. Hazırkı xanədan iş başına keçdiyi gündən bəri xalqın arzularını həyata keçirə biləcək heç bir təşəbbüs etmədi. Biz yenə də kəndlərə və şəhərlərə cəza dəstələrinin göndərildiyini gördük, yenə də haman qamçıların və haman ağacların səsini eşitdik. Burada qazi cənabları Azərbaycan üsyançılarını quldur, qaçaq və yolkəsən deyə adlandırdı. Məncə, cənab qazi öz fikrini müqəddəm və müəxxər dedi. O, yolkəsənlər və quldurlarla mübarizə aparan üsyançılar demək əvəzinə, yolkəsən və quldur üsyançılar – dedi. Mən zənn edirəm ki, təzə xanədan Azərbaycan xalqının nə uğrunda mübarizə apardığını təyin etdikdən və xalqın sevmədiyi hakimləri Azərbaycandan rədd etdikdən sonra biət məsələsini Azərbaycan xalqının qarşısında qoya bilər. Biz böyük bir mədəniyyəti saxlamaq, Azərbaycanı azad bir məmləkət kimi yaşatmaq, sənətin və ədəbiyyatın boğulmasına imkan verməmək üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq. Mənə belə gəlir ki, xalqın nə istədiyini mərkəzi hökumətə doğru bir surətdə yetirsələr, bir daha qılınclarımızı qınından çıxarmağa ehtiyac qalmaz. Fəxrəddin sözünü bitirdikdən sonra Nizami Əmir İnanca müraciət edib danışmaq istədi. Əmir İnanc onun nə demək istədiyini çox gözəl bilirdi, onun hökumət lehinə bir kəlmə də olsa söyləməyəcəyini bilirdi. Lakin ona söz verməməyə cəsarət etmədi, çünki Fəxrəddinin çıxışı xalqı onsuz da hökumət əleyhinə hazırlamışdı. Buna görə də Əmir istər-istəməz Nizamiyə söz verdi. Nizami sözünü bu misralarla başladı: Gər məlik, inəst dər in ruzigar, Mən bə tö viranə dəhəm səd həzar. “Sel dünyanı tutubdur. Ağıllı adamlar sel gəldiyi zaman evindən dişarı çıxmaz. Mən bu vəziyyəti gördüyüm zaman qapımı tamamilə bağlayıb bir tərəfə çıxmaq istəmirəm. Lakin bunu mən bacarmıram, çünki mənim qapım hər kəsin üzünə açıq olmalıdır. Lakin hava olduqca küləklidir”. Hökumət və xanədan dəyişməsilə məmləkət əhli bir şərtlə barışa bilər. O şərt – üsuli-idarənin dəyişməsindən ibarətdir. Qamçını bunun əlindən alıb başqasının əlinə tapşırmaq xalqın həyatında təzəlik törədə bilməz. Hərgah özünü bizə hökmdar sayanlar bizim üçün yüksək bir mədəniyyət gətirə bilmirsə, o zaman bizim mədəniyyətimizə də toxunmamalıdırlar. Mən çox təəccüb edirəm ki, bu gün yenə də biət almaq məsələsi meydana atılmışdır. Biz əlimizi kimlərə uzatmalıyıq?! Hansı əlləri öpüb biət etməliyik?! Biz heç vaxt dodaqlarımızı qardaşlarımızın qanına batırmaq istəmirik, çünki biət üçün öpəcəyimiz əllər Azərbaycan xalqının qanı ilə boyanmışdır. O əllər qandan qurumayır, çünki hər gün təzə qanlar tökürlər. Bu qanları dayandırmaq və bugünkü xəyanətləri unutdurmaq üçün birinci növbədə xəyanətin başında duranları cəzalandırmaq lazımdır. Xalqın ruhuna, əzəmətinə, mədəniyyət və yüksəlişinə uyğun bir üsul-idarə yaradılmadan xalqın etimadını qazanmaq olmaz. Nizami uzun nitqdən sonra oturdu. Əmir, Fəxrəddin və Nizamiyə cavab vermək istədisə də, fürsət tapa bilmədi; çünki biət etməmək üçün xalqın çox hissəsi məscidi buraxıb Məlikşah meydanına çıxmışdı. * * * Şərəfli ailə Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi. Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi: – Mən çoxdandır ki, bir şeyi səndən soruşmaq istəyirdim, amma cəsarət etmirdim, bilmirəm sən o suala cavab vermək istəyəcəksənmi?! – Nə üçün cəsarət etmirdin?! Mənim səndən başqa özgə bir sirr yoldaşım vardırmı?! Danış, utanma, bilmədiyin şeylərin hamısını məndən soruş. Rəna Nizaminin sözlərindən cəsarət alaraq sözə başladı: – Mən hər yerdə eşidirəm ki, Nizami Gəncə şairlərinin hamısından qüvvətlidir və sənətkar şairdir. Lakin nədənsə sən onların hamısından yoxsul və fəqir bir həyat keçirməkdəsən. Əbül-Ülanın dövlətinə, cəlalına bax. Qapısındakı qulamların, cariyələrin və nökərlərin sayı-hesabı yoxdur. Onun arvadı Cahanbanu və qızı Mahtab xanım küçəyə çıxdıqları zaman xalq elə bilir ki, Əmirin qadını Safiyə xatundur gəlir. Hələ Fələki şairi demirəm. Onun da dövlət və sərvətinin sayı yoxdur. Onların tövlələrində məmləkətin ən cins atları bağlanıbdır. Həqayiq təxəllüslü şairi o qədər göyə qaldırıblar ki, nəhayət, Şirvan xaqanı ona öz adını vermişdir. Hazırda xalq hər yerdə Xaqaninin hörmət və dövlətindən danışır. O şairlər hamısı sürülərə, ilxılara malik olduğu halda, sənin gümanın ancaq arıq bir inəyə gəlir. Onlar malikanələrə, bağlara, uca və təntənəli saraylara malikdirlər. Biz isə palçıq və suvaqlı bir damın sahibiyik. Mən ancaq bunların səbəbini bilmək istərdim. Lakin mən səndən çox xahiş edirəm ki, mənim bu sualıma başqa məna vermə, elə düşünmə ki, mən bu yoxsul həyatımızdan şikayətlənirəm. Çünki mən bu evə gəlməmişdən əvvəl də bu evi və bu evin sahibini çox yaxşı tanıyırdım. Yuxarıda saydıqlarımın heç birisi mənə zalım deyil, mən atamın evində də belə bir həyat keçirirdim. Nizami yeməyə başlamamışdı, Rənanın danışıqlarını diqqətlə dinləyirdi. Çünki Rəna onun evinə gəldiyi gündən bəri, onunla bu qədər ciddi danışmamışdı. O, əlini uzadıb Rənanın gözləri üzərinə düşən tükləri barmaqları ilə yuxarı daradı və dedi: – Mənim ruhum və mənim şadlığım Rəna! Verdiyin sualların cavabı çox sadədir. Şahlar və hökmdarlar xələtlərin kimlərə verilməsi üçün çox düşünürlər. Sən hökmdarın hüzurunda durub başını əyməsən, daldan çiyninə xələt salmazlar. İndi mənə cavab ver görüm, Rəna, sən mənim başımın hər bir qatil, alçaq hökmdarın qabağında əyilməsinə razı ola bilərsənmi? Rəna ağladı, gözlərinin yaşı qarşısında qoyulan qurumuş arpa çörəyini islatmağa başladı və tutqun bir səslə dedi: – Sənin başına and içirəm, mən o başın əyilməsinə razı deyiləm. Mənim pərəstişlərimə səbəb olan yeganə bir şey varsa, o da sənin başının əyilməzliyidir. Nizami onun gözlərinin yaşını silərək alnından öpdü və sözünü davam etdirdi: – O xələtlərin rəngi bir çoxlarını aldadır. Lakin o xələtlərin kəklik ovlayan ovçuların gəzdirdiyi “dalva”lardan heç bir fərqi yoxdur. Şahlar və xaqanlar, cah-calal və dəbdəbə düşkünü olanları haman xələtlərlə ovlayırlar. O kimi xələtlər şərəf və vicdanı dəfn etmək üçün bir kəfən vəzifəsini görür. Şairlərin əllərində olan malikanələr, bağ-bağçalar, xanəgahlar, qulamlar, kənizlər və cariyələr, pul müqabilində alınmamışdır. Əmirlər, şahlar, hətta xəlifələrin özü də yuxarıda adlarını saydığım şeyləri şərəf, izzət-nəfs, namus və vicdan müqabilində verirlər. Layiqsiz və xain hökmdarları tərif edən şairlər sarayların zinətli sütunları altında bəslənən toratanların vəzifəsini bitirirlər. Özlərinin yazdıqları mədhnamələrlə avam xalqın şüurunu aldadıb ovlayaraq xaqanların və xəlifələrin pəncərəsinə tapşırırlar. Onlar yazan mədhnamələr də Azərbaycan kəndlisini qırıb məhv edən silahların cərgəsində işlənir, qarət və talanlarda, haqsızlıq və xəyanətlərdə onların qələmləri də iştirak edir. Mənim gözəl və səmimi Rənam, indi əsrimiz elə bir əsrdir ki, ancaq hökmdarların qarşısında qul kimi əyilənlər qul və cariyələr sahibi olurlar. Lakin ağıllı və şərəfli başlar xalqın xainləri və xalqın düşmənləri qarşısında əyilməz. O başlar yalnız xalqın əməl və arzuları və məmləkət xalqının iradəsi qarşısında əyilə bilər. Mən bu başı həmən günə saxlamışam. Həqayiq təxəllüsünü almaqla şadlanmamalıdır. Həqayiq təxəllüsü daşıyan Əfzələddin, xaqandan Xaqani təxəllüsünü almaqla şadlanmamalıdır. Artıq o, Həqayiq təxəllüsünü daşıdığı zamana qayıtmaq istəsə belə, bacara bilməyəcək. Çünki saraydan xalqın içərisinə ağ bir üzlə qayıtmaq çox çətindir. Sarayın bir qapısı da zindana və həbsxanaya açılır. Gözəl Rənam! Bax, Əbül-Üla, Xaqani bir-birini nə qədər rüsvayçı bir surətdə həcv edirlər. Cariyə və kəniz düşkünləri sarayda birincilik qazanmaq üçün bir-birinin boğazını üzməkdədir. Xaqaninin qayınatası Əbül-Üla öz gənc damadını küçə söyüşləri ilə söyür. Çünki birinci saraya girmiş, ikinci isə saraydan çıxarılmışdır. Gözəl Rəna! Gəl bu arpa çörəyilə bir kasa südə qənaət edib bu qədər iyrənc qiylü-qalın içərisinə girməyək. Sən mənim sənətimin xaqanlar və soltanlar xidmətində durub rəzil bir vəziyyət almasına razı olma. Nizami bu son sözləri dediyi zaman Rəna hönkür-hönkür ağladı və: – Mənə inan, İlyas! Mən heç vaxt sənin alçalmağına razı deyiləm, – dedikdə, Məhsəti xanım da öz otağından çıxıb nahar süfrəsi başına gəlirdi. O, Rənanın ağladığını gördüyü zaman təəccüblə Nizamiyə sual verdi: – Bu nə deməkdir, İlyas?! Mən heç güman etməzdim ki, sən bu tezliklə Rənanı ağlada biləcək bir hərəkət edəcəksən. Məhsəti xanım gəldiyi zaman Nizami və Rəna ayağa qalxmışdı. Məhsəti xanım Rənanın başını köksünə alaraq: – Eybi yoxdur, ailə həyatında şübhələr və deyişmələr də ola bilər. Mən sizin ikinizə də qulaq asıb ixtilaflı bir məsələ varsa həll edərəm, – dedi. – Bir vaxt mən də çox ağlamışam. Bəzən səbəbsiz, bəzən də şübhələr nəticəsində ağladığım olmuşdur. Hətta bir gün yazdığım iki rübai o qədər müvəffəqiyyətli idi ki, mən sevindiyimdən ağladım. Gənc ərim Əmir Əhməd içəri girib məni ağlar görərkən, o da özünü saxlaya bilməyərək hönkür-hönkür ağladı. Lakin indi mən təəccüb edirəm ki, Rəna kimi bir qadın ağladığı halda, İlyas kimi bir şair nə üçün ağlamır?! Məhsəti xanım Rənanın və Nizaminin alnından öpərək: – Oturun, bəzən kədərləri yumaq üçün göz yaşları da lazım olur, – dedi. Rəna cavabında: – Mən bir daha bu cür sualları verməməyə söz verirəm, – dedikdə, Nizami Rənanın ağlamasının səbəblərini əvvəldən axıra qədər Məhsəti xanıma danışdı və əlavə etdi: – Mən özüm Rənanın bu kimi suallar verməsindən maraqlanıram. Çünki o, ancaq bu vasitə ilə mənim yoxsulluğumun səbəbini bilər. Məhsəti xanım Nizamiyə nəsihət verərək dedi: – Sən yoxsul deyilsən. Çünki, vicdanca yoxsul olmaqdansa, məişətcə yoxsul olmaq daha yaxşıdır. Fəxrəddin qapını açıb otağa daxil oldu. Salam verdikdən sonra Məhsəti xanımın əlini öpüb oturdu. Rəna qalxıb onun üçün də yemək gətirdi. Lakin Fəxrəddin yeməyə etina etmədi. Rəna onun bu etinasızlığından narazı qalaraq: – Nə üçün yemirsən? Etinasızlığına səbəb süfrəmizin yoxsulluğudurmu? – dedikdə Fəxrəddin də: – Rəna xanım, öz vicdanıma and içirəm ki, etinasızlığım süfrənizin yoxsulluğundan deyil; çünki bu süfrənin başında iki böyük dünya diz çöküb oturmuşdur. Fəxrəddin kimdir ki, bu süfrəyə etinasız baxsın?! Sizin hamınızın şərəfinə and içirəm, dünən nahardan bəri boğazımdan bir qətrə su da getməmişdir. Nizami ona sual verdi: – Səfərdə olduğun üçünmü? – Xeyr, səfərdə deyildim, səfərdə olanın barəsində düşünürdüm. Bəxt heç zaman mənim üzümə gülmədi. İqbalım məni aldatdıqca anladım və nəhayət, ayılarkən bir ümidsizliklə qarşı-qarşıya durdum. Məhsəti xanım onun nə demək istədiyini dərhal anlayaraq sual verdi: – Dilşaddanmı bir xəbər aldın? Fəxrəddin qəmgin bir halda: – Bəli, Dilşaddan xəbər aldım. Lakin o artıq yoxdur, ancaq onun adı dilimdə qalmışdır. Bilmirəm, onu unuda biləcəyəmmi?! Bu da mənim üçün bir kədər oldu. Nizami təəccüblə onun üzünə baxıb soruşdu: – Əcəba, sən onun buradan gec-tez aparılacağını bilmirdinmi?! Bunu sənə Hüsaməddin xəbər verməmişdimi? Dilşadın adından sənə məktub gəldiyi zaman bunun kölgəsində bir xəyanətin gizləndiyini sənə təkrar-təkrar söyləməmişdimmi?! – Lakin hara aparıldığını bilmirəm. – Bağdaddan başqa hara apara bilərlər? Xəlifəyə göndərilən məktub öz əlində deyildirmi? – Şübhəsizdir ki, qız burada deyil, o burada olsaydı, onun qiymətli boyunbağısı korların və dilənçilərin əlinə düşməzdi. – Hansı boyunbağı? – Mənim Dilşada hədiyyə verdiyim boyunbağı. Fəxrəddin bunu deyərək boyunbağını çıxarıb Nizaminin yanına qoydu və: – Budur, adım da üstündə yazılmışdır. Bir neçə gecə bundan əvvəl Məsudiyyə karvansarasının qabağından keçən taxt-rəvanların birisindən boyunbağını bir dəsmala bağlı olaraq korların, dilənçilərin üstünə atmışlar. Korlar və dilənçilər boyunbağını bölüşmək üçün barışa bilməmişlər, nəhayət, satmaq üçün zərgər Qəvaməddinin yanına gətirdikdə, o, boyunbağını tanımışdır, çünki mən bu hədiyyəni onun özünə sifariş vermişdim. Rəna və Məhsəti xanım bu xəbərdən kədərləndilər. Nizami isə ona təsəlli verdi: – Əvvəlcə insan səhv buraxmamağa çalışmalıdır. Lakin səhvi buraxdıqdan sonra özünü itirməməlidir. Çünki çaşqınlıq ikinci bir səhvə səbəb ola bilər. Sən heç bir zaman yoldaş, arkadaş və qohum-qardaş məsləhətini eşitmirsən. Səni məğlub edən olarsa, ancaq bu kimi nöqsanların səbəbinə məğlub edəcəkdir. Dünyada heç bir vaxt təkbaşına iş görənlər qalib gələ bilməmişdir. Dünyada özünü hakim-mütləq sayan padşahlar belə təkbaşına iş görməmişdir. Onlar da vəzirlərin məsləhətini eşitmişdir. Sənə yüz kərə dedim ki, o qızın vasitəsilə qorxulu təşəbbüslərə başlama. Sənin tutduğun işlər ancaq bu cür nəticə verə bilərdi. Hərgah sən onu sevmirdin, hərgah sən onu yalan sevginlə aldadaraq Əmir İnanca qarşı apardığın mübarizədə alət etmək istəyirdinsə, kədərlənməyə heç bir ehtiyac yoxdur. Lakin sən onu sevə-sevə bu qorxulu məsələyə cəlb etdiyin üçün kədərlənməlisən. Çünki sən onun döyülməsinə, həbs edilməsinə, cürbəcür işgəncələr görməsinə, nəhayət, buradan sürətlə aparılmasına səbəb oldun! Bu təşəbbüsdən nə kimi faydalar əldə etdin? Mühakim İbn-Davudu döydürməkdən başqa nə qazandın? Sən bununla heç bir təqsiri olmayan bir qəlbi təhqir etdin. Əmirin qadını olanda nə olar?! O bizə nə etmişdi?! Bunların hamısı keçibdir. Bu məsələ üzərində buraxılan səhvi düzəltmək mümkün deyil, gələcək haqqında düşünmək lazımdır. Fəxrəddin bu nəsihətlərə cavab olaraq: – Doğrudur, İlyas, mənim səhvlərim çox böyükdür. Hazırda nə etməliyəm? Dilşadı qurtarmaq üçün nə kimi çarə düşünə bilərəm? Buradan çıxıb Bağdadamı gedim? Gedib nə edəcəyəm?! Orası Gəncə deyil ki, minlərcə tanışım olsun, – dedikdə, Nizami: – Səbir etməlisən. Dünyanın peşəsi hadisələr doğmaqdır. Görürsən ki, vəziyyət tez-tez dəyişir. Xüsusən bizim vətənimiz heç bir zaman hadisəsiz yaşamayıb, yenə də yaşaya bilməyəcəkdir, çünki mövqeyimiz belədir. Heç bir tərəfə hərəkət etməyi məsləhət görmürəm. Mənə qulaq as! Özünü ələ al! Bu hadisə sənin mətanətini artırmalıdır. Hadisələrin süzgəcindən süzülüb çıxan adamlar dünyada qalib yaşaya bilər. Sən bu hadisələr nəticəsində özün üçün müəyyən yaşamaq yolunu təyin edə biləcəksən. Dilşadın buradan aparılmasına onu tamamilə itirmiş kimi məna vermə. O, burada olanda da sənin əlində deyildi, indi də sənin sərəncamında deyil, vəziyyət heç də dəyişməmişdir. Sənə verilən tək-tük görüş imkanları da müəyyən bir siyasətin nəticəsi idi. İndi siyasi vəziyyət tamamilə Əmirin nəfinə olaraq dəyişdi, artıq onun qızından və cariyələrindən istifadə etməyə ehtiyac yoxdur. Lakin bu həmişəlik deyil, biz onu yenə də diz çökdürəcəyik. Lakin sənə yenə də tapşırıram Əmir İnanca qarşı əlaqəni dəyişdirməməlisən. Bizim xırda təşəbbüslərimiz, onun böyük təşəbbüs etməsinə səbəb olar, onu ayıq sala bilər. Dilşadın qurtuluşu barəsində dərin düşünmək, faydalı tədbirlər görmək lazımdır. İndi isə Rəna xanımın qəlbini sındırma, buyur, bizimlə nahar elə. Fəxrəddin süfrəyə əlini uzadırkən: – Nə qədər şərəfli bir ailədir, – dedi. * * * Vahid Azərbaycan Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı: “Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir. Yerli hakimlər torpaq sahiblərinə azad hərəkət ixtiyarını vermişdir. Onlar Osman xəlifə vaxtından həyata keçirilən əşr qanunlarına kifayətlənməyərək, kəndlilərdən istədikləri qədər bəhər tələb edirlər. Buna görə də kəndliyə torpaq əkmək qazanc vermir. Onların bir hissəsi şəhərə qaçır, bir hissəsi də üsyana qoşulur. Məmləkətdə müəyyən torpaq qanunu olmadığından hər bir mülkədarın özünə görə torpaq qanunu vardır. Şəhər peşəkarlarından alınan vergilərin hədd-hesabı yoxdur. Çünki peşəkarlardan alınan vergilər hökumət xəzinəsi ilə əlaqədar olmayan vergilər cərgəsinə salınmışdır. Bunun üçün vergilərin miqdarını yerli hakimlər təyin edir. Bu qərarla da peşəkarlardan alınacaq verginin miqdarı yerli hakimin illik məsarifinin miqdarından asılıdır. İsrafçı və təntənə düşkünü olan hakimlər peşəkarlardan alınacaq vergini ildə bir kərə deyil, bir neçə kərə tətbiq edirlər. Bəzən yerli hakimlərin mətbəx məsarifini ödəmək üçün bir şəhərin sənaye vergisi kifayət etmir. Belə bir soyğunçuluğun nəticəsində şəhər sənayesi məhv olur, peşəkarlar işini dayandırmağa məcbur olurlar. Mən Cənubi Azərbaycanın dağlıq tərəflərini gəzdiyim zaman əhalidən bir çox ərizələr aldım. Onlardan əhəmiyyətli olanlarını ayırıb Atabəy həzrətlərinə göndərdim. Çox acı və eyni zamanda hökumət quruluşu nöqteyi-nəzərindən qorxulu məsələlərə təsadüf etdim. Bu məsələlər: əhalini mərkəzi hökumətlə əlaqələndirəcək vasitələrin olmaması və hökumətin istinad edə biləcəyi vasitələrin yoxluğundan ibarətdir. Rəiyyət yerli hakimdən başqa bir hökumət tanımır, çünki idarə etdikləri ölkənin bütün ixtiyarı hakimlərin əlindədir. Asdırmaq, kəsdirmək, köçürmək və sair ixtiyarların hamısı onlara tapşırılmışdır. Vergi işlərini nəzərdən keçirdiyim zaman belə bir qənaətə gəldim ki, vergi işləri səlcuqilər dövründə bundan daha müntəzəm, daha əlverişli imiş. Çünki o zaman rəiyyət üç xəzinəyə vergi vermək məcburiyyətində deyildi. Səncər şahın öldüyü gündən bəri Azərbaycan yüz kərə əldən-ələ keçmişdir. Rəiyyət tamamilə vergi vermək qüvvətini itirmişdir. Ümid edirəm ki, Atabəy həzrətləri mənim bu səmimi olan məktubumu nəzərə alıb Azərbaycanın bir neçə il vergilərdən azad olunmasına əmr və fərman sadir edəcəkdir. Vergilər bağışlandıqdan sonra mərkəzi hökumətdə bu müddətdə vergi işlərini nizama salmaq və onu mərkəzləşdirmək üçün hazırlıq aparmalıdır. Yeri gəlmişkən Atabəy həzrətlərinin tapşırığı üzrə əldə edilən məlumatı da göndərirəm. Biz rəiyyətpərvərlik nöqteyi-nəzərindən bu xalqı təşkil edə bilərsək, bu qüvvəti hər hansı böyük bir düşmənin qarşısına çıxara bilərik. Azərbaycanın mövqeyi və əhalisinin mühərib olması Atabəy hökumətinin möhkəm edilməsi üçün əsas bir vasitə ola bilər. Buna görə də mən müstəqil Azərbaycan hökuməti təşkil etmək təklifini meydana sürməkdə özümü haqlı hesab edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Burada hökumət idarə edə biləcək kişilər az deyildir. Lakin hansı ölkənin hakimini soruşursan “Əbü filan, əbü filan” deyə cavab verirlər. Yerli xalq onlara bir hakim kimi yox, bir soyğunçu kimi baxır. Azərbaycan xalqının mədəni səviyyəsi ərəblər və farslara nisbətlə olduqca irəlidədir. Onları ərəb və fars hakimlərinin itaətinə məcbur etmək, ərəblər dövründən qalan qanunların ibtidai çərçivəsində yerləşdirmək çox çətindir. Azərbaycan xalqının tarixi əcnəbi hakimiyyətinə qarşı üsyanlar əsasında qurulmuşdur. Bunları nəzərə alaraq biz Azərbaycan xalqına onların öz hökuməti kimi, hətta doğma hökuməti kimi görünən bir hökumət təşkil etməli və Atabəy ölkələri üçün təzə qanunlar düzəldiyi vaxt Azərbaycanın xüsusiyyətini nəzərə almalıyıq. Fars və İraqda həyata keçiriləcək qanunları Azərbaycanda həyata keçirmək mümkün deyildir. Çünki bir xalqın içərisində qanunlar tətbiq edilən zaman ölkənin mövqeyini, tarixini, əhalisinin əhval-ruhiyyəsini nəzərə almaq lazımdır. Əsas nöqsanlardan birisi də səlcuqilər dövründən qalan hakimlərin hələ də iş başında qalmalarıdır. Çünki köhnə adamların hökumət başında qalması təzə işlərin həyata keçirilməsi üçün çətinlik törədə bilər. Vergi qanunları dəyişildiyi zaman varidatın mərkəzləşdirilməsini və bununla yerlərə təyin olunan hakimlərin dövlət xəzinəsindən maaş almasını nəzərdə tutmaq lazımdır. Belə olursa yerli hakimlər dövlət xəzinəsinə vergi almaq bəhanəsilə rəiyyəti soya bilməzlər. Ancaq beləliklə məmləkətdə vahid vergi üsulunu həyata keçirmək olar. Mən neçə aydan bəridir ki, yerli hakimlərin müxtəlif adlarla kəndlilərdən aldıqları müxtəlif vergilərin miqdarı ilə tanış oluram. Bu miqdar hakimlərin hökumət xəzinəsinə göndərdiyi verginin miqdarından doqquz kərə artıqdır. Beləliklə, hakimlər xalqdan aldıqları verginin bir faizini hökumətə, doqquz faizini isə öz ciblərinə qoyublar. Azərbaycan, səlcuqilər dövründə bütün digər məmləkətlərə nisbətən ən böyük vergi vermiş bir ölkədir. Halbuki hökumət xəzinəsinə yetişən bu vergi rəiyyətdən alınan vergilərin onda biridir. Cərimə və rüşvətlər bura daxil deyildir. Çünki bunlar hakimlərin öz xüsusi işləri olduğu üçün bizim hesaba almağımız mümkün deyil. Rüşvətin və qarətin bu qədər genişlənməsinə səbəb ümumi cəza qanunları və hökumət məhkəmələrinin olmamasıdır. Yerli hakim cəriməni müəyyən bir ölçü ilə almaq üçün bir yerdən göstəriş almır, cərimə və cəza miqdarını hakimin özü təyin edir. Şəriət məhkəmələri hakimlərin əlində alət olub qalır. Bəzən bunlar hökumətdən aldıqları göstəriş üzərinə işləyirlər. Hakimlərin gəlir mənbələrindən birisi də ərəblər vaxtından qalan diyə, yəni qan bahası məsələsidir. Adam öldürənlərə cəza verilmir, çünki qatillər qanın bahasını verib günahlarını təmizləyirlər. Bunu da hakimlər və yerli ruhanilər təqdir edir, çünki qatildən alınıb ölü sahibinə veriləcək qan bahasından hakimin və şəriət mollasının da müəyyən gəliri vardır. İnsan qırğınının qabağını almaq üçün adam öldürənləri cəzalandırmaq və qan bahası verilməsi işini qanundan kənar hesab etmək lazımdır. Bəzən ölənin vərəsələrinə verilmək üçün qatildən alınan qan bahası yerli hakimin və onunla əlbir işləyən ruhanilərin cibinə tökülür. Əhalinin narazılığına səbəb olan qanunsuzluğun birisi də budur ki, ailələrin toxunulmazlığı təmin edilməmişdir. Hökumət işlərinin öz məhvəri üzərində gedə bilməməsinin bir səbəbi də ruhanilərin hökumət işlərinə müdaxilə etməsidir. Hələ ərəblər zamanından indiyə qədər islam ölkələrində hökumətlə ruhaninin vəzifəsi ayird olunmamışdır. Bu hadisə islam ölkələrində dəhşətli bir xəstəlik kimi getdikcə dərinləşir. Nə qədər ki, ruhanilər tamamilə hökumət işlərini öz əllərinə almamışdır, bu xəstəliyin qarşısını almaq lazımdır. Əlbəttə, mən ruhanilərin tamamilə hökumətdən ayrılmasını təklif etmirəm. Çünki Quranın əsas qanun götürüldüyü bir məmləkətdə ruhaniləri hökumətin idarə işlərindən uzaqlaşdırmaq mümkün olmaz. Hökumət məhkəmələrində ruhanilərdən nümayəndə saxlamaq əvəzində ruhanilərdən təşkil edilən məhkəmələrdə hökumətdən nümayəndə çağırılır. Atabəy həzrətlərinin icazəsi olsaydı, ruhanilərin vəzifəsini təyin etməyə çalışardım. Qarşımızda duran çətin məsələlərdən birisi də təriqətlərlə aparacağımız mübarizə məsələsidir. Azərbaycanı təzədən qurmaq, xalqın şüurunu yenidən mədəni-maarif sahəsinə çevirmək üçün birinci növbədə təriqətləri kökündən ləğv etməliyik. Bunu da qeyd etməliyəm ki, bütün təriqətçiliyin və müridçiliyin yuvası Şirvan şahlığıdır. Azərbaycana təriqət mübahisələri, məzhəb vuruşmaları daima Şirvan vasitəsilə gəlməkdədir. Ərəb və farslar yerli xalqın mədəni və siyasi şüurlarını çürütmək üçün onlara təriqət və məzhəb xəstəliklərini aşılamışlar. Təriqətlər, dinlər, məzhəblər, cürbəcür əqidələr Azərbaycanda mədəni qanunların əleyhinə olaraq ailə pozğunluğu törədir. Qadınların həyatında tətbiq edilən siğə və mütə qanunları gələcək sağlam ailə təşkili üçün mühüm bir qorxu təşkil edir. Gürcüstan səfəri barəsində əlahəzrət Toğrulun fikrinə şərik ola bilmirəm. Gürcüstanda vahid bir xalq yaşamaqdadır. Bu xalqla səmimi dostluq əlaqəsi yaratmaq məmləkətin işğalından daha mənfəətli olar. Vəhdət təşkil edən bir xalqı əsirlikdə saxlamaq və yabançı bir nüfuza bağlamaq çox çətindir. Biz Gürcüstanı atabəylər məmləkətinə ilhaq etdikdən sonra Azərbaycanın qonşusunda tarixi bir ixtilafa səbəb ola bilərik. Bundan da əlavə, Gürcüstan səfərinin müvəffəqiyyətlə qurtarması üçün lazım olan ünsürlər mövcud deyildir. Gürcüstan xalqını biri digərinin əleyhinə qaldırmaq və yabançı hökumətin mövqeyini möhkəmləndirmək üçün də heç bir vasitə yoxdur. Gürcülər vahid bir millət kimi bizim dostumuz da ola bilər, bir düşmən kimi qarşımıza çıxmağı da bacararlar. Gürcülərin də azərbaycanlılar kimi milli azadlıq duyğuları uzun illərin hadisələrinə təslim olmamışdır. Hər halda biz üzümüzü Orta Asiyaya tərəf çevirməliyik, orada bizim qələbəmizi təmin edə biləcək ünsürlər çoxdur. Xarəzm şahı kimi rəqibimizi azad buraxaraq qoşunlarımızı rəqib olmayan ölkələrə saldırmaq hökmdarlıq nöqteyi-nəzərindən qəbul ediləcək tədbir deyildir. Azərbaycan qırx il heç bir rəqib hiss etmədən səlcuqilərin əlində yaşadı isə də onlar bir neçə came, meydan və küçəyə öz adlarını verməkdən başqa bir iş görmədilər. Biz isə belə olmamalıyıq. Hərgah Qara dəniz gürcülərin əlindədirsə, Xəzər dənizi də bizim əlimizdədir. Biz Xəzər dənizini Gürcüstan tacirlərinə açıq elan etsək, onlar da Qara dənizi bizim ticarətin üzünə açıq edərlər. Hələlik bu qədər. Böyük və möhtərəm qardaşım əlahəzrət Atabəyin səhhətini və qalibiyyətini istəyirəm”. * * * Atabəy Məhəmməd Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi. Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı. Atabəy Məhəmməd belə bir zamanda Qızıl Arslanın məktubunu aldı, məktubda qoyulan məsələlərdən Atabəyin tükləri qabardı və dərhal qısa bir məktub yazıb təcili qasidlə Təbrizə göndərdi: Əziz və möhtərəm hökmdar! Məktubunu aldım. Göstərdiyin məsələlər barəsində yaxından danışmaq lazımdır. Məktubumu alan kimi bir neçə günlüyə Həmədana gəlməlisən. Atabəy Məhəmməd. Qızıl Arslan məktubu alan kimi Həmədana hərəkət etdi. O, Atabəy Məhəmmədin məktubla razılaşmayacağını bilirdi, lakin öz əqidəsində möhkəm durmağı və Azərbaycanda lazımi islahatın tətbiq edilməsi məsələsini bir daha şifahi olaraq Atabəy Məhəmməddən tələb etməyi qərara almışdı. Atabəy Məhəmməd Qızıl Arslanın özünün təzə tikdirdiyi “Atabəy Məhəmməd Rübati” adlı malikanəsində qəbul etdi. Qızıl Arslanın şərəfinə verilən təntənəli ziyafət bitdikdən sonra Atabəy Məhəmməd Qızıl Arslanı öz xüsusi otağına çağırıb: – Otur, qardaşım! – dedi və gülərək sözünə davam etdi: – Məktubun o qədər qorxulu məktubdur ki, onu həyata tətbiq deyil, ələ alıb oxumaq belə qorxuludur. Hər nə olursa olsun, məktubu əvvəldən axıra qədər oxudum. Yazdıqlarını həyata keçirmək mümkün olsaydı, qardaşın da buna razı olardı. Lakin hazırkı vəziyyət və hazırkı şərait daxilində elə çətin arzuları meydana atmaq, dünyada oturub cənnət üçün düşünmək deməkdir. Əziz qardaşım, məmləkətimizin, hüdudlarında baş verən hadisələr bizim daxili islahat haqqında düşünməyimizə imkan vermir. Mən bilirəm ki, sən məmləkətin düşdüyü bu qədər ağır vəziyyətə soyuqqanlılıqla məktubunda islahat deyə göstərdiyin ən xırda bir məsələni həyata keçirmək istəsən, vəziyyət daha da ağırlaşacaqdır. Sən bilirsən ki, xəlifə öz siyasi və ruhani nüfuzunu itirmişdir. Daha açığı, xəlifəlik öz dövrünü yaşamışdır. Vaxtilə onun məmləkətlərə təyin etdiyi ən adi hakimlər belə özü üçün taxt-tac hazır etdirmişdir. Xəlifə hazırda ancaq bunları bir-birinin əleyhinə qaldırmaqla başını dolandırır. Lakin məmləkətə sahiblənmək üzərində bir-birini boğmaqda olan hökmdarlar Bağdad çuxurlarına düşüb qoxumaqla xəlifə adlanan bu diri meyiti basdırmağa cürət etmir, yaxud bunu istəmir, çünki hər kəs bir-birindən qəsb edəcəyi məmləkətin qəbaləsini xəlifənin möhürü ilə rəsmiyyətə salmağa çalışır. Xəlifələrin özləri isə belə alış-verişləri göydə axtarırlar. Onlar şəhvətpərəst, sərxoş adamlardır. Hər cür sazişə gedə bilərlər. Əldə etdiyim məlumata görə xəlifə neçə müddətdən bəri Səlahəddin Əyyubi ilə xəlvəti müzakirə aparır. Xəlifə sərxoş da olsa Səlahəddinin böyük bir nüfuza malik olduğunu bilməmiş deyildir. O bu gün İraqda, Musil və başqa yerlərdə işə başlarsa, bütün kürdləri bizim əleyhimizə qaldıra bilər. Belə bir vəziyyətdə xəlifə hüququnun azalması, təriqət məsələlərinin aradan qaldırılması məsələsini qoymaq məmləkəti bikərəlik hərc-mərcə düşürmək kimidir. Məmləkətdə təzə vergi üsulunu tətbiq etdikdə yüz minlərcə müftəxora maaş vermək, onlar üçün maliyyə idarəsi düzəltmək lazımdır. Hazırkı üsul dairəsində hər hakimdən müəyyən vergi almaqla da hökuməti idarə edə bilərik. Elə də torpaq qanunlarıdır. Torpaq qanunları dəyişdiyi zaman bütün mülkədarlar bizim əleyhimizə üsyan qaldıra bilər. Məhkəmələrdə ruhanilərin nüfuzunu azaltmaq fikrini bir kərəlik burax. Bu yol elə qorxulu bir yoldur ki, Məmun kimi bacarıqlı bir xəlifə bu yolun yarısından qayıdıb qaçdı. Sən məktubunda göstərdiyin məsələlərin hansı birisini həyata keçirsən rəqiblərimiz dərhal ondan istifadə edəcəkdir. Sən Şərqdə təkfir olunmaq çirkabının nə qədər zərərli olduğunu bilmirsən. Bir kərə ruhanilər və xəlifə bizi dindən kənar hesab edərsə heç bir qüvvət bizim mövqeyimizi saxlaya bilməz. Azərbaycan xalqının bir neçə illik vergisini bağışlamaq məsələsinə etirazım yoxdur, əlverişli bir zamanda bu barədə təşəbbüs edərik. Köhnə hakimlərin məsələsi tədricilik tələb edən məsələlərdəndir. Onların hər birisinin minlərcə nüfuz sahibi tərəfdarları vardır. Gürcüstan məsələsi elə də qorxulu bir məsələ deyildir. O məsələ həll olunduğu zaman Şirvan məsələsi də həll olunar. Çünki Gürcüstan bizim əlimizdə olduqdan sonra Şirvan şahlarının istinad edə biləcəyi bir yer qalmır. Orta Asiyadan bizə qorxu yoxdur. Çünki Orta Asiya hökmdarlarının içərisində olan boğuşmalar bizim üçün böyük qələbələrin müjdəsini verir. Sənin məktubunu oxuduqdan sonra Azərbaycanı lazımi qədər səyahət etmək və öyrənmək qərarına gəlmişəm. Bəlkə də səyahətimdən sonra, məktubundakı məsələlərdən bəzilərini bir daha müzakirəyə qoyarıq. Lakin sənə bir daha tapşırıram, xəlifə hər nə olursa olsun onun rizasını əldə etmək lazımdır. Ona göndərilən cariyələri saxlamaq lazım deyildi, getmələrinə icazə verməklə çox yaxşı iş gördün. Şirvan şahlığı ilə müdara etmək lazımdır. Özün bilirsən ki, xəlifə şahlığın ləğv edilməsi təklifini rədd etdi. Farslar və ərəblərin iş başından götürülməsini tədrici bir surətdə həyata keçirməsək, kütləvi qovuluşlar Bağdadda yaxşı təsir bağışlamaz. İranlılar və ərəblər bir zaman hakim olduqları üçün dilləri də hakim dil olub qalmışdır. İndisə məmləkətdə hakim sənsən, sənin dilin də hakim dil olmalıdır. Sənə tapşırıram, xələtlərin Azərbaycan dilində danışanların çiyninə salınmalıdır. Sən məktubunda mühüm bir məsələni qeyd etməyi yadından çıxarmırsan. O məsələ, ərəb və farsların əlindəki ucsuz-bucaqsız torpaqlar və malikanələr məsələsidir. Onlar ölkələri işğal etdikləri zaman sulu, bərəkətli, qiymətli yerləri öz aralarında bölüşmüşlər. Yerlilərdən bir çox kəndlər və malikanələr, rübatlar, pənəyirlər və bazarçaları zorlayıb əllərinə keçirmişlər. Bu yerləri tədrici surətdə xalisə torpağı şəklinə salmalısan. Bunu ərəb və farsların əlində olan malikanələrin qonşusunda olan yerli mülkədarların vasitəsilə həyata keçirə bilərsən. Qonşu kəndlilər istərsə onlar malikanələrindən məhsul ala bilmədiyi üçün satmağa məcburiyyət hiss edər və az bir qiymətə olsa da, satıb gedə bilərlər. Məktubunda yazılan başqa məsələlər haqqında tək-tək danışmaq istəmirəm. Buna görə də qəti olaraq tapşırıram: Hər hansı bir qanun Qurandan alınmışsa, ona toxumamalısan. “Qan bahası” və sairlər də bura daxildir. * * * Fitr bayramı Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi. Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi. Əmir özü də hazırlığa başlamışdı. O qızıl kisələrinin ağzını açıb özünə tərəfdar tapmaq uğrunda xərcləyirdi. Atabəy Məhəmmədə veriləcək şikayət məktublarının əvəzində minlərcə razılıq məktubları da hazırlanırdı. Məddahlara istədikləri qədər pul və xələt verilirdi. Adları yazıçılar və şairlər cərgəsində olmayanlar belə Əmirin yanına gətirilib mədhnamə yazmaları tapşırılır və nə zaman və harda oxuyacaqları təyin edilirdi. Xətiblərə, qazilərə müəyyən vəzifə tapşırılırdı. Əmirə qarşı düşmən hərəkətdə bulunanlar bir-bir siyahıya alınırdı. Əmirin qoca veziri gecə-gündüz çalışıb iftira, böhtan, fitnə yaratmaq üçün böyük bir təşkilat düzəltmişdi. Atabəyi istiqbal etmək üçün düzələn dəstə tamamilə Əmirin tərəfindən dəsturüləməl almış müəyyən adamlardan ibarət idi. Xanəgah kəndindən Əmirin sarayına qədər olan yolun hər iki tərəfi qoşunlar tərəfindən mühasirəyə alınacaq və mümkün olduğu qədər heç bir kəsin Atabəyə yaxın gəlməsinə imkan verilməyəcək idi. Şəhərin dilənçiləri həbsə alınıb uzaq kəndlərə sürgün edilmişdi. Şəhərin xarabaları təmizlənir və xarabalıqları Atabəyə göstərməmək üçün onu abad küçələrdən dolandırıb saraya gətirmək nəzərdə tutulurdu. Eyni zamanda, Fəxrəddin də Atabəyin Azərbaycan səyahətinə çıxmasından böyük ümidlər gözləyirdi. Onun fikrincə, Atabəy Şimali Azərbaycanda, xüsusən Aran məmləkətində olan xarabalıqları gördüyü zaman islahat işlərinə başlayacaq və müqəssirləri cəzalandıracaq idi. Bu fikirlə də Fəxrəddin xalq arasında geniş təbliğat işinə başlamışdı. O, qızları cariyəliyə alınanlar ilə evi və əmlakı Əmir tərəfindən qarət edilənlərdən ibarət böyük bir istiqbal dəstəsi təşkilinə başlamışdı. Fəxrəddin zərərdidə kəndliləri və Əmirin adamları tərəfindən malları alınan tacirlərin hamısını Gəncəyə çağırmışdı. Fəxrəddin bu təşəbbüsləri haqqında məlumat verdiyi zaman Nizami deyirdi: – Mən bu təşəbbüslərin heç birisinin əleyhinə deyiləm. Lakin bizim ölkəmizin düşdüyü bu vəziyyəti bir parça kağız üzərində verilən o ərizələr heç bir zaman düzəldə bilməyəcək. Ərizələrlə xalqı düşdüyü ağır vəziyyətdən xilas etmək tarix boyu heç bir müsbət nəticə verməmişdir və indi də verməyəcəkdir. Hökmdarları diz çökdürəcək yeganə bir qüvvə olmuşsa və varsa, o yalnız xalqın birliyidir. Bu gündən etibarən bütün xalqın birliyini yaratmağa çalış. Xalqı öz şəxsi malını istəməyə yox, məmləkətin hüququnu tələb etməyə öyrət. Səadət və azadlıq ancaq bununla qazanılır. Lakin əvvəldə dediyim kimi yenə də təkrar edirəm: xırda çıxışların tərəfdarı deyiləm. Gələcək üsyanımız hökuməti qorxutmaq məqsədilə yox, məhv etmək məqsədilə düzəldilməlidir. Xırda çıxışlarda bulunmaq isə, düşməni vaxtından qabaq duyuq sala bilər. Gözləyək, Atabəy Məhəmməd Gəncəyə gəlsin, şübhəsiz ki, o burada bir neçə gün deyil, həftələrlə qalacaqdır. Onun Əmirin evində mənzil edəcəyi də şübhəsizdir. Çünki indidən orada hazırlıq aparılır. Məlumdur ki, Atabəyin bu səyahəti və xüsusilə Gəncəni ziyarət etmək istədiyi Əmirə xəbər verilmişdir. Atabəy Məhəmmədin bir qadını vardır. Amma Atabəy hərəmi üçün bir-iki qadın kifayət deyil, Əmirin qızı isə həm gözəldir, həm də xəlifənin nəvəsidir. İndi məni anladınmı? Fəxrəddin gülərək: – Bəli, anladım, – dedi. Nizami sözünü davam etdirdi: – İndi ki, mənim fikrimi anladın, bir nəsihətimi də yadından çıxarma. Hazırda sən Əmirin əleyhinə açıqdan-açığa təbliğat aparırsan. Əmir bu təbliğata başqa bir rəng verməklə səni həbsə ala bilər. “Atabəy həzrətlərinə sui-qəsd hazırlayırsan” – deyə səni təqsirləndirər. Bu barədə bir az ayıq olmağın yaxşıdır. Fəxrəddin Nizaminin bu fikri ilə də şərik oldu, ehtiyatla dolanacağına və Əmirin adamlarına görünməyəcəyinə söz verdi. * * * Ramazan ayının 29-cu günü idi. İftar açıldıqdan sonra Əmir şəhərdə və müəyyən adamlar ətrafında çalışan xəfiyyələri qəbul etdi. Gətirilən xəbərlərin əsasını Fəxrəddinin Əmirə qarşı hazırladığı düşmənanə hərəkət təşkil edirdi. Əmir çox rahatsız idi. Mərcanı göndərib Toxtamışı yanına çağırdı. Xəfiyyələr gətirdikləri xəbərləri Toxtamış üçün də təfsilən danışdılar. O, bir az fikrə getdi. Sonra dedi: – Həbs etmək olmaz. Çünki o tək deyildir. Eyni zamanda onu azad da buraxmaq olmaz, onlar Atabəyin qılığına girə bilərlər. Bu gün ramazan ayının 29-cu günüdür. O, bizim göndərdiyimiz məktubu almamış deyil. Heç şübhə yoxdur ki, o, Dilşadın buradan aparıldığını da bilmir. Hərgah onu saraya gətirmək mümkün olsaydı, burada üstünə böhtan ataraq heç kəsin xəbəri olmadan onu sarayda həbsə alardıq. Bu tədbir Əmirin xoşuna gəldi və o əlavə etdi: – O, Dilşadın aparıldığını bilsəydi, indiyə qədər bir təşəbbüs edərdi. Mənə elə gəlir ki, o, ramazan ayının çıxmasına müntəzirdir. Çünki izdivacın ancaq ramazan ayından sonra baş tutacağını xəbər vermişdik. Buna görə də, izdivac məsələsini müzakirə etmək üçün onu saraya dəvət etməliyik. Toxtamış başına hərəkət verərək: – Bilirəm, o bizə inanıb saraya gələcəkdirmi? – dedikdə, Əmir: – Bəlkə Səba xanım bu barədə dəyərli bir fikir söyləyə bilər?! – deyə soruşdu. Mərcanı göndərib Səbanı çağırdılar. Səba xanım daima gecənin bu vaxtı “şərəfə” nail olmaq üçün Əmirin hüzuruna çağırılırdı. Mərcanın gəlişindən sevindi və: – Get, gəlirəm, – dedi. Mərcan gedəndən sonra, Səba xanım sürətlə qalxıb çimdi. Ağ dəsmalı ətirlə isladıb bədənini başdan ayağa yudu. Almaz və zümrüddən düzəlmiş məmədanlarını taxdı, nazik ipəkdən tikilmiş yataq köynəyinin üstündən məclis paltarlarını geydi, bütün qiymətli daşlarını üzərinə töküb güzgünün qarşısında dayandı. Güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi, baxışlarını yoxladı, qaşlarını o tərəf bu tərəfə dartaraq müəyyən bir vəziyyət aldı. Sonra da Əmirin yanında danışacağı nazlı ifadələri əzbərləməyə başladı. Bu halda dəhlizdə gəzməkdə olan xacə Müfid Səba xanımın otağından səs gəldiyini eşitdi və otaqda kişi tayfası olduğunu zənn edərək dərhal qapını açıb içəri soxuldu, Səba xanımın güzgünün qarşısında durub danışdığını və əzilib-büzüldüyünü görüncə gülərək dedi: – Siz kişilərin şeytanlarısınız. Siz onları aldadırsınız, onlar da bunu anlaya-anlaya sizə aldanırlar. Səba xanım da utanaraq güldü: – Buna görə də mən aldatmağı, həm də yaxşı aldatmağı öyrənirəm, – dedi və xacə Müfidin qabağına düşüb uzun dəhlizdən nazlana-nazlana uzaqlaşdı. Qapını açıb Əmirin otağına girdi. Düşündüklərinin əksini görüncə salam verib qapının yanında dayandı və cariyəlikdən tələb ediləcək bir tövr alaraq donub durdu. Gələrkən o, Əmirin otaqda tək olduğunu və qapını açan kimi onun qolları arasına atılacağını düşünürdü. İndi o, sakit dayanmışdı. Əmir başını qaldırıb Səba xanıma dedi: – Qoca vəzir icazə verir, gəl orada otur, vəzirin sənə bəzi tapşırıqları vardır. Səba xanım oturdu, otaqda olanların hamısına getmək icazəsi verildi. Otaqda Əmir, qoca vəzir, bir də Səba xanım qalmışdı. Toxtamış Səba xanıma müraciət edib, yavaşdan söylədi: – Sən elə bilmə ki, qadınlıq gözəl olmaqla tamamlanır. Gözəlliyi canlandıran hərəkətdir. Bu hərəkət olmazsa, rəssamlar sizdən də gözəl qadınlar yarada bilərlər. Qadını ağıllı kişilərə sevdirən əsas cəhət onun gözəlliyi deyil, özünü sevdirməyi bacarmasıdır. Sən bunu bacarırsan, hərgah bacarmasaydın, Əmir həzrətləri tərəfindən “şərəfə” nail ola bilməzdin. Mənim dediyim bu həqiqəti Əmirdən də soruşsan deyəcəkdir ki: “Səba xanım nə qədər gözəldirsə, bir o qədər də özünü sevdirməyi bacarır və Əmirin şərəfini qiymətləndirdiyi üçün böyük sirlərin üstünü aça bilmişdir”. Hazırda Əmir öz gözəl cariyəsinə təzə və müqəddəs bir vəzifə tapşırmaq istəyir, o vəzifə, Fəxrəddinə aiddir. Səba xanım Fəxrəddinin adını eşidərkən keçmişləri bir anda gəlib gözünün önündən keçdi. O gah özünü Fəxrəddinin qolları arasında görür, gah da dodaqlarını Fəxrəddinin dodaqlarına yapışdırıb: “Mən sənin qolların arasında olduğum üçün dünyanın ən xoşbəxt qadınıyam” – deyirdi. Səba xanım düşünür, vüsalından gülür, ayrılığından göz yaşları axıdır, nəhayət, Fəxrəddinin əllərini öz saçlarında hiss edirkən şad bir nəfəs alırdı. Lakin birdən-birə Fəxrəddinin son dediyi: “Get Səba, bir də mənə yaxın gəlmə, mən gündə birini sevən qızları sevə bilmərəm!” cümlələrini xatırladığı zaman diksinir və qəlbində gizlənən intiqam duyğuları coşurdu. Səba xanım həmin fikrin təsiri ilə başını qaldırıb: – Hər cür vəzifə tapşırmış olsanız, yerinə yetirməyə hazıram – dedi. Toxtamış bu sözlərdən sonra məqsədini açıb söylədi: – Fəxrəddin bizə sarayda lazımdır. Onu bura gətirməyi bacararsanmı? Səba xanım Toxtamışa belə bir sual verdi: – Fəxrəddin sizə gündüz lazımdır, yainki gecə? – Xeyr, onun saraya gəlməsini heç bir kəs bilməməlidir. Əlbəttə, belə olan təqdirdə, gecə gətirilməsi lazımdır. Səba xanım bir ah çəkərək: – O, Dilşadın aparıldığını bilməsəydi, bu vəzifəni yerinə yetirmək o qədər də çətin olmazdı, – dedi. Əmir də, Toxtamış da and içərək: – Bu məsələ gizlində saxlanmışdır, heç bir kəsin xəbəri yoxdur, – dedikdə, Səba xanım gülümsəyərək dedi: – Doğrudur, lakin Dilşadın boyunbağısının dilənçilər əlinə düşməsi, nəticədə onun zərgərlər vasitəsilə Fəxrəddinə yetişməsi, Dilşadın buradan aparıldığı üçün böyük bir sübutdur. Fəxrəddin bunu anlamayacaq qədər uşaq deyildir. Səba xanımın bu sözündən sonra Əmir həyəcanla soruşdu: – Sən bu xəbəri kimdən eşitdin? – Bu xəbəri Nizaminin evindən öyrənmişəm. – Sən Nizaminin evinə gedib-gəlirsənmi? – Xeyr, mən özüm gedə bilmirəm. Nizami özü də buna yol verməz. İki nəfər dilənçi qadın vardır. Onlara böyük ehsanlar verirəm. Onları Nizaminin evinə ehsan istəmək üçün göndərirəm. Bu xəbəri onlar mənim üçün gətirdilər. Gələcəkdə onların vasitəsilə daha böyük işlər görəcəyəm. Toxtamış da, Əmir də bir səslə: – Afərin sənə, Səba xanım! – dedilər. Səba isə sözünü davam etdirib: – Sabaha fitr bayramıdır, – dedi. – Cahanbanu xanımın evində böyük ziyafət vardır. Hərgah Nizami və Rəna orada olmasa da Fəxrəddinin orada iştirak edəcəyi şübhəsizdir. Mən, Əbül-Ülanın təşkil etdiyi fitr bayramı ziyafətində bir daha baxtımı sınaram. Bəlkə də müvəffəqiyyət qazandım. Hər halda məsələdə çətinlik vardır. Çünki Fəxrəddin mənim əlimdən bir neçə zərbə yemişdir. Çarə yoxdur. Əmir həzrətlərinin əmri can qiymətinə olsa da yerinə yetirilməlidir. Hərgah o qəhrəmandırsa, mən də Səba xanımam. Mən onu bu otaqda Əmirin qarşısında diz çöküb yalvarmağa məcbur edəcəyəm. Toxtamış Səba xanımın cəsarətindən məmnun qaldı, ona xeyirdua verib getdi. Xacə Müfid qapının dalında durub Səba xanımın Əmirin otağından çıxmasına müntəzir idi. Nəhayət, sühur vaxtına bir az qalmış Səba xanım Əmirin otağından çıxdı. Xacə Müfid onu görərkən: – Gözəl xanımın “şərəfə” nail olduğunu təbrik edirəm! – dedi və qabağa düşüb onu otağına yola saldı. Bir azdan sonra kənizlər və xariyələr əllərində boğça Əmiri çimdirmək üçün hamama apardılar. Əmir sabah ramazanın son gününü oruc tutacaqdı. * * * Ramazan ayının 30-da axşam qaranlığı düşəndə üç nəfər şahid xətibin hüzuruna gəlib şəvval ayını gördüklərinə iqrar etmişdilər. Ayın birində gündüz saat 2-də Əmirin qapısında duran taxt-rəvan saraydan hörmətli bir adamın çıxacağını bildirirdi. Orucunu təzəcə sındıranlar Əmirin qapısından dışarı çıxacaq bu “naməhrəm” qadına baxmamaqdan çox da çəkinmirdilər. Bir çoxları “Əmirin qızı Qətibə xanım taxt-rəvana minəcəkdir” – deyə özləri üçün əlverişli mövqelər tutmağa tələsirdi. Çünki Qətibə başqa hərəm qızları kimi üzünü örtməz və küçə xalqına görünməkdən çəkinməzdi. O, taxt-rəvanda getdiyi zamanlarda da pərdələrin salınmasına icazə verməzdi. Taxt-rəvan hərəkət etməmişdi. Ətraf küçələr və döngələr xalq ilə dolmuşdu. Lakin bu cür hadisələri tez-tez görənlər bugünkü taxt-rəvana əhəmiyyət vermirdilər, çünki taxt-rəvanlar Əmirin qadınını yaxud qızını bir tərəfə apardığı zaman ətraf küçələrin hamısında qoruq elan olunurdu. Xacə Müfid sarayın qapısından çıxdı, onun dalınca da iki nəfər kəniz və iki nəfər qara zənci qulun müşayiətilə bir qadın çıxdı. Qadın zinətlərinin üzərinə nazik və qara bir ipək salmışdı. O özünü xalqa bildirməmək üçün çöhrəsini bərk-bərk gizlədirdi, çünki xalq onun adi bir cariyə olduğunu bilsəydi, onun mindiyi taxt-rəvanın dalısınca qafilə təşkil etməzdi. Lakin, buna baxmayaraq, adamların bir çoxu bilirdi ki, cariyələrdən hər hansı birisi Əmirin “şəfərinə” nail olursa, ona taxt-rəvanla getməyə icazə verilir. Taxt-rəvanın dalısından nərdivanı götürüb yerə qoydular. Xacə Müfid Səba xanımın qolundan tutub taxt-rəvana çıxardı. Sonra kənizlər də taxt-rəvana çıxdılar. Qulamlar isə nərdivanı yığıb taxt-rəvanın dalısına bağladılar. Sonra qulamlar hər birisi bir atın cilovundan tutub çəkməyə başladılar. Küçə xalqı taxt-rəvanın dalınca dəstələrlə gedirdi, lakin taxt-rəvanın pərdələri bir kərə də olsa qaldırılmadı. Küçə camaatı Səba xanımın taxt-rəvanını Əbül-Ülanın qapısına qədər müşayiət etdi. Səba xanım bu gün öz köhnə ağası Əbül-Ülanın evinə bir cariyə kimi yox, bir xanım təntənəsilə daxil olurdu. Çünki Əbül-Ülanın ailəsi onun Əmir tərəfindən şərəfləndiyini və hərəm namizədi olduğunu bilməmiş deyildi. Xüsusən Əbül-Ülanın kiçik qızı Mahtab xanım Səba xanımla hər kəsdən artıq maraqlanırdı, çünki o, ancaq Səba xanımın vasitəsilə zəngin və məşhur bir adama ərə gedəcəyini düşünürdü. Əbül-Ülanın ziyafətində Fələki, Mücirəddin və bir neçə daha başqa şair və ədib iştirak edirdi. Nizami və onun qadını Rəna isə Məhsəti xanım xəstə olduğuna görə onu evdə tək qoyub gələ bilməmişdilər. Fəxrəddin hamıdan sonra gəldi. O, Səba xanımın bu ziyafətdə iştirak edəcəyini bilmirdi, əks təqdirdə o ziyafətə gəlməkdən boyun qaçırardı. Lakin o, içəri girərkən Səba xanımı görüb Dilşadı xatırladı və ondan Dilşad haqqında bir xəbər bilmək istədi. Amma dərhal onu danışdırmamaq qərarına gəldi, çünki onun Dilşadın adından yalan sifariş gətirməsi və ondan məktub alıb Əmirə təqdim etməsi, nəticədə Dilşadın həbsə alınıb cəzalandırılması Fəxrəddinin yadından çıxmamışdı. Lakin Fəxrəddin öz qərarında dura bilməyəcəkdi. Səba xanımı görüb danışmamaq heç bir kəsə mümkün deyildi. Onun daima “mən daşı danışdıraram” deməsi heç də əsassız deyildi. Fəxrəddin Səbanın cəzblərini rədd etmək üçün Mücirəddin ilə başladığı söhbəti uzatmağa çalışırdı. Səba xanım və Mahtab xanım bir neçə başqa qız və cariyələrlə tez-tez Mücirəddin ilə Fəxrəddinin yanından o tərəf bu tərəfə keçir və aralığa eşqə, məhəbbətə dair söz atırdılar. Çünki ziyafətdə olanların içərisində yalnız Fəxrəddinlə Mücirəddin subay idilər. Səba xanım Fəxrəddinin yanından keçdiyi zaman bu sözləri deyirdi: – Mən bir məhəbbətin sərxoşuyam, şərab verin. Məni götürüb atəşin içərisinə atın, lakin bu yanan əyrimə su verin, şikayət etsəm də, acıqlansam da mənim işim onunladır. Qoy cavab versin. Qızlar Mücirəddinə və Fəxrəddinə baxıb güldülər, Mücirəddin isə Fəxrəddini dümsükləyib: – Al gəldi, Fəxrəddin, Səba xanımın işi səninlədir, – dedi. Fəxrəddin Səba xanıma əhəmiyyət vermədi. Nəhayət, Səba xanım yenə də qızlarla qayıdıb Fəxrəddin və Mücirəddin oturan kürsünün yanında dayanaraq söhbətə başladı. O sanki Mahtab xanıma aid olan bir kinayədən danışırdı: – Mən o qədər də sadə adamlardan deyiləm ki, öz nişanələrimi qasidin əlinə tapşırım, qasid isə öz məqsədindən ötrü verdiyim nişanələri əlində bəhanə aləti qayırsın – dedikdə Fəxrəddin təkan yedi, söhbətini şaşırdı, çünki o, Səba xanımın nə dediyini bilirdi. O bir neçə kərə ağlını doldurub Səba xanımı danışdırmaq istədi, lakin danışdırmamaq üçün özünə söz verdiyini xatırlayaraq, dinmədi. Mücirəddin isə bunu hiss edərək: – Əylənməyin nə zərəri vardır? Şeytan da olsa maraqlı şeytandır. Çağırıb bir qədər danışdırsaq nə olar?! – dedikdə Fəxrəddin də: – Şeytandan daha iyrənc bir ad tapılsaydı, onu yanımıza haman adla çağırardıq. Bəlkə də mən şair olmadığımdan, gözəlləri sizin qədər duymaq qabiliyyətinə malik deyiləm. Lakin bunun barəsində əldə etdiyim qənaət mənim üçün hər şeydən böyükdür. Bu şeytan hər barədə gözəldir, yeganə bir eybi varsa, o da bunun şeytanlığıdır. Mən bunu heç bir zaman əlimdən buraxmazdım. Üç min dirhəm o qədər də böyük bir pul deyildi, o pulu versəydim, Cahanbanu bəyim bunu mənə güzəştə gedərdi. Lakin bu dünya gözəlini qiymətdən düşürən onun şeytanlığıdır. Bundan gördüyüm yamanlığın bircə faizini hər kəsdən görsəydim, indiyə qədər onu məhv etmişdim. Bir neçə kərə bunu məhv etməyə qalxmışam, fürsət də düşüb, lakin təbiətin bu gözəl məşəlini söndürmək istəməmişəm, çünki bunun gözəlliyini görüb şeytanlığını tanımayanlar mənə lənət oxuyacaqdılar. Onun indiyə qədər diri qalmasının səbəbi də budur. Səba xanım üçüncü kərə Fəxrəddinin önündən keçdiyi zaman artıq öz gözəlliyini tərif edirdi: – Deyirlər ki, gül tikanların içərisindən göyərməkdədir. İndi ki, belədir, nə üçün gül olan məclisə tikanları buraxırlar? Mən dediyim adamın çöhrəsi daima gözümün önündədir. Mənə qiymət qoymayanlar, mənim gözəlliyimi iqrar etməyənlər də haqlıdır. Çünki mənim musiqidən nəşədar olan səsim, qəmginlərin qulağında bayquş səsindən daha qəmlidir. Qəmginliyin şərbətini dadan adamların dimağında şəkərin şəhdi belə ilanın zəhərindən də acıdır. Mənim baxışlarım sübhün nəsimindən təmiz olsa belə, yaralı ürəklər üçün əqrəbin nişindən zərərlidir. Bu təbii bir haldır; qəmli, kədərli adamların gözündə ən qiymətli cavahir, adi bir daşdan daşa alçaqdır. Lakin burada nə səhər nəsiminin, nə şəkər şəhdinin, nə də mənim nəşədar səsimin və almaz kimi şəfəqlənən göz bəbəklərimin bir zərrə də olsa nöqsanı yoxdur. Mənim şirin sözlərim özünü itirmiş adamların ayağı altında qalan zəhərli tikanlar misalındadır. Mənim kölgəm sağlam fikirli adamlara təzə bir can bağışlasa da, xəstə adamlar üçün ağır bir yükdən ibarətdir. Bir vaxt var idi ki, onsuz ağlaya-ağlaya yuxuya getdiyim üçün yuxuda görərdim ki, məni su aparır. Nə etməli? “Eşq-eşq” deyə bir adamın adını əzbərləyərdim, lakin eşqə düşəndən sonra onun nə olduğunu anladım. “Yar-yar” deyərək sevinirkən onun kim olduğunu bildim. Əgər eşq bu isə, kimə lazımdır? Əgər yar mən gördüklərim isə, onlarla kim yaşaya bilərdi? Lakin bu dünyadan kamını almayan bir tək mən deyiləm. Çoxları xəyalın təsəvvürə gətirə bilmədiyi uca aləmlərə uçmaq istədilər, lakin qanadlarında qüvvət hiss etməyərək uça bilmədilər. Fəxrəddin Səba xanımın bu sözlərindən sonra sakit oturmağı bacarmadı. Çünki Səba xanımın son sözləri, Fəxrəddinin Dilşadı sevdiyinə və arzusuna yetişə bilmədiyinə işarət idi. Buna görə Fəxrəddin artıq davam etməyərək ona cavab verdi: – Qanadlarımda qüvvət hiss edirəm. İstədiyim ucalıqları fəth etmək üçün qüdrətim vardır, lakin haman ucalıqların qarşısında qara qanadlarını açıb yüksəlişimə mane olan şeytanlara rast gəlirəm. Səba xanım irəli gəldi. Fəxrəddinlə danışmaq üçün bəhanə əldə etdi və acıqlı bir tövr alaraq dedi: – Fəxrəddin, səni mənə və Dilşada etdiyin haqsızlıqlar səbəbinə söyməliyəm və məzəmmət etməliyəm. Əcəba sən məndən hansı təqsirimin səbəbinə küsdün? Fəxrəddin başqalarının yanında söhbət açmaq istəmədiyindən, onlar bağçaya düşdülər. Fəxrəddin: – Sənin özün söyləməyə layiq ikən başqasını söyləməyə haqqın vardırmı?! – dedi. – Sən mənə və Dilşada nə yamanlıq qaldı ki, etmədin?! Məni və onu məhv edən sən olmadınmı? – Qız əsla məhv olmamışdır. Sənin məhv olduğunun səbəbi isə öz xasiyyətindir. Behiştdən hurini, mələyi yerə endirib sənin sərəncamına versələr belə, yenə də sən yaşamağı bacarmayacaqsan. Çünki səndə bir qızın qəlbini əyləndirəcək dil yoxdur. O şeyləri ki, qız səndən tələb etməlidir, onu sən qızdan tələb edirsən. Əcəba, məndən son dəfə küsməyinin səbəbi nə idi? – Sən nə üçün mənə Dilşaddan yalan sifariş gətirdin? Nə üçün mədən aldığın məktubu Əmirə verib qızın cəzalanmasına səbəb oldun?! – O məktub səbəbinə mənim özüm azmı cəzalandım? Madam ki, məsələnin əsasından xəbərdar deyilsən, yersiz tənqidlərini də qoy qalsın. Nə Dilşadın, nə də mənim bu işlərdən xəbərimiz yox idi. Əvvəla, sənin dilindən məktub düzəldib Dilşada verən Mərcandır. Onu da öyrədən Süsəndir. Mənim təqsirim nədir?! Madam ki, sən hər qıza bir cür söz verir və hamını sevmək istəyirsən, onların bir-birini qısqanmağa və macəra yaratmağa haqları vardır. Buna görə də Süsən sənin tərəfindən düzəltdiyi məktubu Dilşada verib onun qəlbini səndən iyrəndirmək istəmişdi. Mənim Dilşaddan, sənə sifariş gətirməyimə gəldikdə, o da mənim işimdir, o sifarişdən Dilşadın xəbəri yox idi. Mən o sifarişin vasitəsilə səndən bir məktub alıb ona aparmaq və Süsənin yazdığı məktubun sarayda düzəldiyini Dilşada isbat etmək istəyirdim. Daha açığı, Dilşadın kədərlərini təskin etməyi düşünürdüm. Əcəba, belə bir təşəbbüs sənin fikrincə, bir xəyanətdirmi?! Qaldı ki, mənim vasitəmlə Dilşada göndərdiyin məktubun Əmirin əlinə düşməsi tamamilə doğrudur. Lakin sən bunu bilməli idin ki, məktub nə vasitə ilə Əmirin əlinə düşmüşdür. Fəxrəddin acıqlı: – Mən haradan bilərdim? Mən ki, sarayda yaşamıram, – dedikdə, Səba xanım cəld cavab verdi: – İndi ki, bilmirsən, onda məni çağırıb deməli idin ki, nə üçün mənə xəyanət etdin? O zaman mən də məsələni açıb başdan ayağa qədər sənə danışardım. Mən səndən məktub aldığım və Dilşada aparmaq istədiyim gün, Süsənin tapşırığı ilə Mərcan məni güdürmüş. Mən səninlə Şeyx Saleh məqbərəsində uzun-uzadı danışdığım zaman, Mərcan sözlərimizin bir çoxunu eşidibmiş. Mən səndən məktubu alıb saraya girdiyim zaman məni bir baş xacə Müfidin otağına apardılar. Üstümü axtarıb sənin məktubunu tapdılar. Bundan sonra başıma nələr gətirildiyini danışmaq istəmirəm. Ancaq boğazımda və gözümün üstündəki yara yerlərinə baxa bilərsən. Səba xanım bu sözləri dedikdən sonra ipək çarqatını kənara ataraq boynundakı yara yerlərini göstərdi. Fəxrəddin isə qismən Səba xanıma inanmağa başlarkən, Səba bunu hiss edərək sözünü davam etdirdi: – Mən o yaxşılıqları nə sənin, nə də Dilşadın xatirinə etmirdim. Mənim xasiyyətimi yaxşı bilirsən, mən heç vaxt dinc otura bilmirəm. Süsənin bu işlərini ifşa etmək istərkən, özümü cəzaya giriftar etdim. Yazıq Dilşad da əziyyət çəkdi. Eybi yoxdur, hamısı keçib gedibdir. Dilşad da sağdır, sən də sağsan. Xeyir işinizin baş tutmasına da az qalır. Bir şirinlik yüz acılıqları unutdura bilər. Fəxrəddin Səba xanımın bu sözlərindən acıqlanaraq dedi: – Mənə istehza edirsənmi? – Sənə istehza etməyə haqqım vardır. Nə üçün qıza verdiyin hədiyyəni geri qaytarmırsan? – Hansı hədiyyəni?! Səba xanım məzəmmətedici bir tövr alaraq soruşdu: – Ah, Fəxrəddin, bütün Gəncənin bildiyi bir məsələni məndən nə üçün gizlədirsən? – Hansı məsələni?! – Boyunbağı məsələsini. Süsənin Dilşaddan oğurlatdırıb Məsudiyyə qabağındakı dilənçilərin içərisinə atdırdığı boyunbağı məsələsini... İndi nə üçün sən onu qızın özünə göndərmirsən?! Sadə bir boyunbağı Dilşaddan qiymətlidirmi?! Fəxrəddin düşüncə dənizlərinə qərq oldu. Dilşadın Bağdada göndərilmədiyini, sarayda yaşadığını yəqin etdi və Səba xanıma müraciətlə: – Bu xəbər sənə qarşı olan mənfi fikirlərimin hamısını dağıtdı. İndi mənə de görüm, Dilşad mənim haqqımda nə düşünür? – Sən nəyi gözləyirsənsə, Dilşad da onu gözləyir. Ramazan ayı qurtardı. Əmir də öz sözünü geri götürməmişdir. Bu barədə Dilşada xəbər verilmişdir. Sənin özünə də xəbər vermək üçün səni saraya dəvət eləyəcəklər. Bəlkə də sabah sənə məktub göndərdilər, o zaman saraya gələrsən. Əmir sizə izdivacın şərtlərini xəbər verər, toy hazırlığına başlarsınız. İndi de görüm məndən razı qaldınmı?! – Yerdən göyə qədər razıyam. Mən yazıq Dilşadı Gəncədən getmiş bilirdim. – Sən Əmir haqqında çox iftira getmə, o sənə verdiyi sözü heç bir vəchlə geri götürməz. İnanmırsansa, gəl bu axşam saraya gedək, Dilşadı görəndən sonra sözlərimə inan. – Yox, sənə inanıram. Əmirin icazəsi olmadan saraya getmərəm. – Bu da gözəl fikirdir. Qoy sabah Əmirin öz dəst-xəttilə yazılmış məktubu alıb gətirim. Ancaq bilmirəm harada görüşək. – Bilmirəm. Sənin üçün hara əlverişlidir? – Elə yer olsun ki, bizim görüşdüyümüzü bir kimsə görməsin. – Onda gərək axşam qaranlığında olsun. Axşam vaxtı çay kənarına gələrsən. Orada bir az təxir etdikdən sonra Musa dəyirmanının yanındakı söyüdlükdə görüşərik. Buna Səba xanım razı oldu, vidalaşıb ayrıldılar. * * * Leyli və Məcnun dastanı Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi: “Möhtərəm və sənətkar şair! Şirvandan Gəncəyə olan bu qısa səfərimizdə iki böyük zatın ziyarətinə nail olmaqla şərəf və səadət əldə edəcəyik. Onlardan birincisi Atabəy Məhəmməd həzrətlərinin ziyarəti, ikincisi isə möhtərəm şairin ziyarətidir. Möhtərəm şair icazə versəydi, xaqanın sifarişlərini yerinə yetirmək məqsədilə görüşər və səadətə nail olardıq. Şirvan şahı tərəfindən gəlmiş heyətin sədri Nəcməddin”. Nizami məktubu alandan sonra onların qəbulu üçün müəyyən vaxt təyin elədi. Eyni zamanda, evin sahmana salınması üçün Rənaya tapşırıq verdi. Heyətin qəbulunda iştirak etmək üçün bəzi lazımlı adamlarına və dostlarına da xəbər göndərdi. Bunların cərgəsində Fəxrəddin də var idi. Fəxrəddin dəvət edildiyi vaxtdan bir neçə saat irəli gəlib heyətin qəbulu zamanında lazım olacaq şeylərin hazır edilməsində iştirak etmək istədi. Çatmayan şeylərin öz evlərindən gətirilməsinə əmr verdi, bazardan pul ilə alınacaq şeyləri aldırıb hazır etdirdi. Rəna və Nizami Fəxrəddinin köməyindən həddindən ziyadə razı qaldılar. Nizami və Rəna Fəxrəddinə diqqətlə baxdıqları zaman onda keçmiş kədərlərdən bir zərrə də olsa nişanə görmədilər. O, Dilşad gedəndən bəri bir gün də olsa şad üzlə Nizaminin və Rənanın üzünə baxmamışdı. Bu gün isə gülür, danışır və şadlıq edirdi. Nizami onda bir xəbər olduğunu dərhal hiss etdi və soruşdu: – Bu şadlığın səbəbini desəydin, dostların da şadlanardı. Fəxrəddin şad bir ürəklə Nizaminin əlini sıxdı: – Bu şadlıq gələcək bir bəxtiyarlığın başlanğıcıdır. Ancaq dünən mənə məlum olmuşdur ki, Dilşad Bağdada göndərilməmişdir. Saraydadır. Nizami təəccüblə soruşdu: – Bu xəbəri sənə gətirən kimdir? Fəxrəddin Əbül-Ülanın ziyafətində olduğunu, orada Səba ilə görüşdüyünü və aralıqda gedən söhbətləri tamamilə Nizami üçün danışdı və: – Bu axşam o, Əmirin məktubunu gətirəcək və mən onunla bərabər saraya gedəcəyəm, – dedikdə Nizami də: – Onunla saraya deyil, ya ölümə, yainki həbsxanaya gedəcəksən, – deyə cavab verdi. – Yenə də sən aldandın. Lakin məni dərdə salan bir cəhət varsa, o da məsələni qabaqcadan gəlib mənə xəbər verməməyindən ibarətdir. Sən indi nə kimi bir zaman olduğunu bilirsənmi?! Əmir Atabəyin gəlməsi münasibətilə öz mövqeyindən əmin deyil. O, Atabəyə şikayət verənlərin təşkili işində çalışanların hər nə bahasına olursa olsun xalqın arasından götürməlidir. Onların birincisi mənim qəhrəman, lakin avam dostum Fəxrəddindir. Səbanın son macərası sarayda səni məhv etdirmək üçündür. Dilşad isə çoxdan Bağdaddadır. – Ola bilməz! – Ola bilər! Sən mənə inan. Səba xanım təzə, lakin olduqca qorxulu bir xəyanət hazırlamaq istəyir. Buna inanmırsansa, al məktubu oxu! Qızıl Arslan əsir aparılan qızların adını və yerlərini mənə göndərdiyi son məktubunda qeyd etmişdir. Fəxrəddin məktubu alıb baxdı və Nizaminin dediklərini təsdiq etdi. – O həyasızı məhv edəcəyəm. O sağ qaldıqca macəralar törətməyə çalışacaqdır, – dedikdə yenə də Nizami: – Bir az ehtiyatlı olmalısan, – dedi. Söz bununla bitdi, çünki heyətin gəldiyini xəbər verdilər. Fəxrəddin və başqaları qonaqları həyətdə istiqbal edib otağa gətirdilər. Nizaminin özü isə heyəti evin qapısında qarşılayıb: – Şairin bu yoxsul evinə şərafət və səadət gətirdiniz. Xoş gəldiniz, səfa gətirdiniz, – dedi və əyləşmələri üçün yer göstərdi. Nəcməddin və heyət üzvləri oturdular. Nizami sözə başlayaraq: – Atabəy həzrətlərinin Gəncəyə gəlməsi xəbəri bizə, xaqan həzrətlərinin nümayəndələrilə görüşmək şərəfinə nail olmaq imkanı verdi, – dedikdə, Nəcməddin də: – Atabəy həzrətlərinin Gəncəyə gəlmək xəbərindən əvvəl də xaqan həzrətləri sizin hüzurunuza bir heyət göndərməyi düşünürdü, – dedi. – Bu səfərimizdə xaqan həzrətləri Gəncədən qiymətli bir cavahir aparmaq üçün bizə tapşırıq vermişdir. Nizami çox qısa cümlələrlə cavab verib dedi: – Xaqan həzrətlərinin şairə bu qədər böyük əhəmiyyət verdiyinə təşəkkür edirəm. – Xaqan həzrətləri öz səmimi ricasını yetirmək üçün bizi möhtərəm şairin yanına göndərmişdir. Xaqanın mübarək rəyi buna əlaqə tutmuşdur ki, möhtərəm şair Leyli ilə Məcnunun müaşiqəsini bir dastan şəklində yazsın. – Xaqan həzrətlərinin arzularına əməl etməyə hazıram. – Lakin, xaqan həzrətlərinin arzusu budur ki, möhtərəm şair yazdığı dastanı Azərbaycan dilində yazmasın, onu yüksək təbəqəyə mənsub bir dildə, fars dilində yazsın. Çünki xaqan həzrətləri Azərbaycan dili ilə tanış deyil, o ancaq fars dilində danışıb oxuya bilir. Şübhəsizdir ki, siz xaqanın nə kimi dil və nə kimi bir şeirlə maraqlandığını bizdən yaxşı bilirsiniz. Nizami məclisdə iştirak edən azərbaycanlıların həyəcanını hiss edərək, münaqişə çıxmasına imkan verməmək üçün dedi: – Mən xaqanın fikrini çox gözəl anlayıram. Şübhəsizdir ki, xaqan fars dilinin yüksək təbəqəyə mənsub bir dil olduğunu qeyd etməkdə çox haqlıdır. O yüksək təbəqəyə mənsub bir dil deyərkən saray xalqını nəzərdə tutmuşdur. Xaqan saray xalqını, öz həzrətləri də daxil olmaq şərtilə, yüksək təbəqə hesab edir. Bu tamamilə doğrudur. Saray xalqı başqa bir təbəqə, saray xaricindəkilər isə tamamilə başqa bir təbəqədir. Sizə də, bizə də məlumdur ki, Şirvan sarayında yaşayanlar da, xaqanın özü də azərbaycanca danışa bilmirlər. Bəlkə, belə də məsləhətdir. Bunların hamısı ilə bərabər, mən Leyli və Məcnun dastanını başqa bir nöqteyi-nəzərdən də fars dilindi yazmaqla maraqlanıram. Çünki bu zamana qədər fars oxucuları dastan şəklində heç bir ədəbiyyat görməmişlər. Firdovsinin əsəri böyük bir dastan olmaqdan qabaq bir tarix əsəri sayıla bilər. Orada olan müaşiqələr bədii olsa belə, tam bir sevgi macərası qənaətini vermir. Mən elə bilirəm ki, xaqan həzrətləri fars dilində yazan şairlərə göstəriş və rəhbər olmaq üzrə birinci olaraq fars dilində dastan yazılmasını mənə həvalə etmişdir. Məclisdə olan azərbaycanlıların çöhrəsindəki qırmızılığın çəkilməsi şübhələrin sönməsini hiss etdirirdi. Bunu Nəcməddin də hiss edirdi, o bu sifarişin azərbaycanlıların milli şərəfinə toxunacağını bilməmiş deyildi. Lakin o, Nizaminin verdiyi izahatla şübhə və nifrətlərin söndüyünü hiss edərək şadlandı və xaqanın ikinci sifarişini şairə bildirdi: – Xaqan həzrətləri sizin malik olduğunuz əzəmətin yoxsul bir binaya yerləşə bilməyəcəyini nəzərə alaraq şairin Şirvan sarayına köçürülməsinə əmr vermişdir. Şairi orada səadətlər, sərvətlər və xələtlər gözləməkdədir. Sizin rəvan təbiniz orada daha da genişlənəcək, siz ancaq orada cahanşümul bir şair dərəcəsinə çatacaqsınız. Siz, ancaq saray içərisində yazdığınız əsərlərlə dünyaya öz günəşinizi sala biləcəksiniz. Siz sarayda bütün təbii ehtiyacların təsirindən çıxmaqla bütün fikrinizi şeir yaradıcılığına verə biləcəksiniz. Böyük şairin bu qədər qilu-qal içərisində keçən günləri sakit bir həyatın qucağında xariqələr, möcüzələr dolu şeirlər yaratmağa sərf olunacaqdır. Məncə, şeir gülər və səadətli bir həyatın qucağından doğmalıdır. Şair xalqa qoşularaq günlərin siyasi hadisələri ilə vaxtını keçirməməlidir. Məclisdə iştirak edənlərdən bir çoxu elə bilirdi ki, Nizami xaqanın bu dəvətini qəbul edib Gəncədən Şirvan şahının sarayına köçəcəkdir. Məclisdəkilər səbirsiz bir intizarla şairin Nəcməddinə verəcəyi cavabı gözləyirdi. Nəhayət, Nizami gülər bir üzlə cavab verdi: – Şübhəsizdir ki, xaqan həzrətləri məni yüksəltmək üçün öz sarayına dəvət etməkdədir. Buna görə də təşəkkür etməyə və xaqan həzrətlərinə uzun ömürlər və tükənməz dövlətlər diləməyə borcluyam. Əvvəlcə Nəcməddin cənabları mənim evimin yoxsulluğuna işarə edib dedi ki: “Xaqan həzrətləri sizin malik olduğunuz əzəmətin yoxsul bir binaya yerləşə bilməyəcəyini nəzərə alaraq şairin Şirvan sarayına köçürülməsinə əmr vermişdir”. Hərgah mənim kimi yoxsul şairdə qiymət və əzəmət vardırsa, həmin əzəmət bu yoxsul evdə doğulmuşdur. Bu palçıq divarlar həmin əzəmətin beşiyidir. Bu əzəməti həmin beşikdə böyüdərək dünyalara tanıtdırana qədər bu evdən ayrılmayacağam. Doğrudan da, məndə bir əzəmət vardırsa, o mənim deyil, Azərbaycan xalqınındır, çünki mən bu məmləkətin oğluyam. Doğrudur, məni xaqanın sarayında xələtlər gözləyir. Bu saydıqlarınız sərvət və xələt maraqlananlar üçün çox qiymətlidir. Lakin bunların heç birisi şair mədəsinin həzm edəcəyi qidalar deyildir. Siz deyirsiniz ki, mənim təbim Şirvan şahının sarayında daha genişlənəcəkdir. Lakin geniş kütlələrin içərisindən ayrılıb sarayların uca hasarları daxilinə qapanan bir təbin genişlənə biləcəyinə heç də inana bilmirəm. Şair öz ilham mənbələrindən ayrıldığı zaman, kütlələrin içərisindən çıxıb dörd divarın içərisində nazlandığı və mürgülədiyi zaman onun təbi nə vasitə ilə genişlənə bilər?! O, haradan ilham ala bilər?! Cahanşümul şair olmaq üçün cahanın hadisələri içərisindən süzülüb çıxmaq lazımdır. Bir şairin təbi nə qədər işıqlı olursa olsun, saray içərisindən bir günəş kimi dünyaya işıq sala bilməz. Bəzən saray içərisindən doğan günəşlər geniş təbəqələri işıqlandırmaq qabiliyyətindən məhrum olur. Çünki camaat öz arasından doğan günəşi sevir. Çobanlar günəşi çiçəkli və yaşıl meşələrin arxasından gözləyir, gəmiçilər günəşin bir-birini təqib edən dalğaların arxasında axtarır, kəndlilərimiz isə günəşi yaşıl düzlərin və çəmənlərin üzərində yüksələrkən görür və şadlanırlar. Buna görə də saray divarları dalısından çıxan günəş bizim xalqımızı heç bir zaman isidə bilməz. Cənab Nəcməddin buyurdu ki, “Siz sarayda bütün təbii ehtiyacların təsirindən çıxdığınız üçün bütün fikirlərinizi şeir yaradıcılığına verə biləcəksiniz”. Lakin bilmirəm ki, xalqımın ehtiyaclarını görmədiyim, o ehtiyacdan doğan dərdləri onlarla bərabər bölüşdürmədiyim, ehtiyac qazanında bu xalqla birlikdə qaynamadığım zaman mən yaradıcılıq üçün mövzu və ilhamı haradan alacağam?! Şairlərin saray xaricində olması xaqanlar üçün saray içərisində olmalarından daha əlverişlidir. Çünki şair saray içərisində gördüklərini yazarsa və onu geniş təbəqələr arasına yayarsa, bu xaqanların nüfuzunun azalmasına səbəb ola bilər. Lakin xalq arasında yaşamaqla ümumi dərdləri yazıb xaqana bildirmək, həm xalq üçün, həm də xaqan məmləkətinin abadlığı üçün əlverişli olar. Doğrudur, sarayda rahat yaşayıb möcüzələr, bərcəstə şeirlər yaratmaq mümkündür. Lakin haman bərcəstə və möcüzə dediyiniz şeirlər xaqanın buyurduğu kimi yüksək təbəqənin ruhunu oxşaya bilər. Məncə, sarayın xaricində olan azadlıq, saray içərisində olan azadlıqdan daha yüksəkdir. Bir də ki mən uşaqlıqdan hazırkı məişətə öyrənmişəm. Mənim üçün saray həyatı, azadlığını itirmiş bir quşcuğazın qızıl qəfəsdən aldığı nəşədən heç də yüksək ola bilməz. Xaqan həzrətlərinə salam yetirib mənim tərəfimdən ərz edərsiniz ki, hərgah Şirvan xaqanı Azərbaycan dilini öyrənməyə tənəzzül etməmişlərsə, biz əksinə, həm farsca danışa bilir, həm də farsca şeir yazmağı da bacarırıq. Sağlıq olursa, Leyli və Məcnun dastanını yazıb bitirdiyim zaman bir daha görüşərik. Uzun saatlar davam edən bu söhbətlər əsnasında sərin və ətirli şərbət içilirdi. Nəcməddin və heyət üzvləri bu qədər səmimi qəbuldan razı qalaraq vidalaşıb getdilər. Fəxrəddin qalxıb Nizaminin üzündən öpərək dedi: – Sənin dilin, sənin ifadən mənim qılıncımdan da kəskindir. Axşam idi, Fəxrəddinin Səba xanımdan Əmirin məktubunu almaq və saraya getmək üçün söz verdiyi vaxt gəlib çatmışdı. O qalxıb getmək istədikdə Nizami ona bir daha tapşırdı: – Ehtiyatlı ol! O qız çox hiyləgərdir. Kim bilir, bəlkə səni Musa dəyirmanının yanında məhv etdirəcəkdir. Fəxrəddin bir daha: – Onu bacara bilməzlər, – deyə vidalaşıb getdi. * * * Əmir nahar yeməyindən sonra sərxoş idi. O, Səba xanımı qəbul etmək, Fəxrəddinə göndəriləcək məktubu yazmaq və Səba xanıma tapşırıq vermək üçün rəqqasələri çox tez buraxmışdı. Səba xanım axşama bir az qalmış xacə Müfidin gətirdiyi sifarişə görə Əmirin otağına dəvət olundu. O, təzə tikdirdiyi libaslarını və yanlarına inci və zümrüd düzülmüş köynəyini geydi, üzərində almaz cıqqalar vurulmuş qızıl araqçını başına qoydu. Yaqutdan, zəbərcəddən düzəldilmiş telbasan, gövbasanları saçlarına taxdı, qiymətli daşları, boyunbağıları üstünə düzdü, ağ və incə topuqlarına zümrüdlü xalxallarını taxdı, böyük bir təntənə ilə Əmirin otağına daxil oldu. Qırx şamlı avizələrin şəfəqi Səba xanımın üzərindəki qiymətli daşlara düşdüyü zaman sanki Əmirin qarşısında bahar fəzasının qövsü-qüzehindən paltar geymiş bir gəlin durmuşdu. Əmir heç bir zaman Səba xanımı bu gözəllikdə görməmişdi. O qalxıb Səba xanımı qolları arasına alaraq öpdü və dedi: – Sən nə qədər gözəlsən! Səndən ilham alan bir qəlbin şeir mənbəyi olmaması qabildirmi?! Səba xanım Əmirin qucağında nazlandığı zaman: – Elədir, mənim ağam! Elədir, mənim varlığımın hakimi, elədir! – dedi. – Qoca şair Əbül-Üla məni əbəs yerə iyirmi min dirhəm qızıla almamışdı. O daima bir şeir mövzusu üzərində işlədiyi zaman məni yanına çağırıb əyləşdirər və fikirləşdikcə mənim üzümə baxır və yenə də yazardı. O məni aldığı zaman birinci gün yazdığı şerinin məzmunu yadımdadır. Nə gözəl də yazmışdı. O deyirdi: “Səba, sən onu bil ki, mən səni öz göz bəbəyim kimi gözlərimdə gizlədəcəyəm. Səni naməhrəmlərə göstərməyəcəyəm. Səni gözümün yaşlarilə böyüdəcəyəm. Sənin mozun qamətin, sərv ağacına bənzəsə belə, güllər və çiçəklərlə bəzənəcəkdir. Lakin qorxuram ki, bir gün göz yaşları kimi mənim gözlərimdən çıxıb qaçasan”. Əmir bu sözləri eşitdikdən sonra onu qucaqlayıb: – Sən onun göz bəbəyindən qaçaraq mənim qucağıma düşdün. İndi mən səni bəsləyəcəyəm. Qocalmış bir şair sənin qədrini, qiymətini bilməzdi. Səba xanımın Fəxrəddinlə görüşə getməsi vaxtına az qalırdı. Buna görə də xacə Müfid aftaba-ləyəni boşaltmaq üçün otağa girdiyi zaman Əmir ona əmr etdi: – Dəhlizdəkilər aftaba-ləyəni görməməlidir. Pərdənin dalına qoy, sonra da gedib Toxtamışı mənim hüzuruma çağır. Xacə Müfid getdikdən sonra Səba xanım da qalxıb saçlarını və üst-başını sahmana salmağa başladı. Yenə də daş-qaşların hər birisini öz yerinə nəsb etməyə məşğul oldu. Lakin Əmir sərxoş olduğu üçün Səba xanıma libaslarını geyməyə imkan vermirdi. Yarım saatdan bəri Toxtamış qapının dalında durub icazə gözləyirdi, nəhayət, xacə Müfid içəri girib Toxtamışın qapı dalında durduğunu söylədiyi zaman Əmir Səba xanımın dodaqlarını buraxdı. Toxtamış daxil oldu. Səba xanıma tapşırıq verməyə başladı: – Sənin ağıllı qız olduğuna inanıram. İstədiyin zaman sənə tapşırılan vəzifəni layiqilə ifa etməyinə şübhəm yoxdur. Lakin məni qorxudan iki şeydir. Onlardan birisi sənin gözəlliyin, ikincisi də keçmişdə sənin onu sevdiyindir. Səba xanım Toxtamışın bu fikrini rədd etmək üçün cavab verdi: – Daha iki cəhəti də nəzərə alaraq cənab vəzir qorxmamalıdır. Onlardan birisi Fəxrəddindən intiqam almaq istədiyim, ikincisi də Əmir həzrətlərinin şərəfinə nail olduğumdur. Mən heç bir zaman bu şərəfi adi bir rəiyyətin sevgisilə əvəz etmərəm. Toxtamış başına hərəkət verdikdən sonra gülərək dedi: – Biz sizi çox yaxşı tanıyırıq. Qadının bədəninə kişi əli, xüsusilə gənc bir kişinin əli dəyincə o hər bir şeyi unudur. – Mən bu xidməti, Əmirin mənə verdiyi şərəfin müqabilində ifa edəcəyəm; sözümdə sadiq qalacağam. Əmir həzrətlərinin başına and içirəm. Çox qadın görübsünüz, lakin Səba xanım o qadınların heç birisinə bənzəməz. Siz Fəxrəddini bu gecə Əmir həzrətlərinin ayaqları altında görəcəksiniz. Onu Əmir həzrətlərinin qulamları qamçılayıb döydükləri zaman mən özüm də bir tərəfdə durub tamaşa edəcək və arzularıma çatdığım üçün şadlanacağam. Səba xanım Əmirin başına, xəlifənin müqəddəs sarığına and içdikdən sonra Toxtamış sakit oldu, Fəxrəddinə bu məzmunda bir məktub yazdılar: “Möhtərəm Fəxrəddin! Ailənizin nəcabəti və özünüzün şəxsən əsil və qəhrəman olduğunuz sizi ikinci bir şərəfə nail edir. Bir ay bundan əvvəl sizə yazılan məktubda təyin etdiyimiz vədə bitmişdir. Buna görə də izdivac məsələsinin müzakirəsi üçün saraya gəlməyiniz lazımdır. Atabəy həzrətlərinin Gəncəyə gəlməsindən qabaq toy məsələsini bitirməliyik. Çünki Atabəy həzrətləri gələndən sonra başımız başqa məsələlərlə məşğul olacaqdır. Məktubu sizə Səba xanım verəcək, ona etimad edə bilərsiniz. Əmir İnanc”. Məktubun başını bağladılar. Əmir möhrünü də imzasının altına basdı. Səba xanım məktubu götürüb Əmirin otağından çıxdı. Hələ qaranlıq düşməmişdi ki, o, saray qapısından çıxdı. Kimsəyə hiss etdirməmək üçün bağça qapısından çıxıb çayın kənarına düşdü. Toxtamışın tapşırığına görə Əmir inanılmış xidmətçilərdən dörd nəfər yanına çağırdı və tapşırıq verdi: – Bağçanın qapısına yaxın yerlərdə gizlənməlisiniz. Bu gecə Səba xanımla bərabər, yainki Səba xanımsız bir nəfər saraya gələcəkdir. Bağça qapısında duran keşikçi qapını açıb onu bağçaya buraxacaqdır. Siz ona görünməməlisiniz, ancaq dəhlizə girdiyi zaman başına palaz atıb dərhal həbsxanaya gətirərsiniz. Səs çıxarmasına və saray xalqının xəbərdar olmasına imkan verməməlisiniz. Palazı başından götürmədən əvvəl onu tərk-silah edərsiniz. Mən onu görmək üçün gəldiyim zaman qollarını bağlarsınız. O qorxulu və qüvvətli adamdır. Buna görə də onu həbsxanaya saldığınız zaman lazımi qədər döyərsiniz. Çünki o xəstə halına gətirilməzsə kimsəni yaxınına buraxmaz. İndi gedin, bağçada olun! Vəzifədə səhlənkarlıq göstərsəniz öz başınızla cavab verəcəksiniz. Xidmətçilər getdi. Əmir bu tarixi gecənin şərəfinə bir ziyafət təşkil etmək üçün əmr verdi; qoca vəzir də Əmirin bu fikrini təqdir etdi. Saqilər, rəqqasələr, gözəl carıyələr, qəşəng və gənc qulamlar işə başladı. Ziyafət gecə saat ikiyə qədər sürdü. Lakin nə Səbanın, nə də Fəxrəddinin saraya gəlməsi haqqında heç bir xəbər çıxmadı. Bu hadisə Əmirin və Toxtamışın rahatsızlığına səbəb oldu. Əmir şərab piyaləsini içib yerə qoyduğu zaman Toxtamışa müraciətlə dedi: – Deyəsən vəzirin dedikləri doğru çıxdı... Toxtamış da şərabdan üz-gözünü turşudub acı bir ifadə ilə cavab verdi: – Dünyadakı yaranmışların hamısı faili-muxtardır. Onlar bir işi həyata keçirmək istədiyi zaman keçirər, istəməzsə keçirməz. Bu xasiyyət kişilərdə, heyvanlarda, hətta kiçik qarışqalarda da vardır. Bu xasiyyət ancaq qadınlarda yoxdur. Qadınların ixtiyarları öz əllərində deyil, onlar kişini, xüsusilə sevdikləri kişiləri gördükləri zaman özlərinə məxsus olan hər bir hüquq və ixtiyarı kişilərin sərəncamına verirlər. O, birinci gecə sevgilisinin qucağına tələsən bir gəlin kimi bəzənib Fəxrəddinin görüşünə getdi. Fəxrəddin isə gəncdir. Səba xanım da Dilşaddan çirkin deyil, onların bir-birinə güzəştə gedə bilmələri nə üçün mümkün olmasın? Toxtamış düşünür, Əmir isə piyaləni piyaləyə bənd edib içirdi. İntizar gecə saat üçə qədər davam etdi. Nə Səba xanımdan, nə də Fəxrəddindən bir xəbər olmadı. Bağçadan eşidilən hər bir səda Əmirin və Toxtamışın qulağında bir bayram müjdəsi kimi səslənirdi. Əmir yalnız Fəxrəddinin gəlməməsi haqqında düşünmürdü. Onun fikrində Səba xanımın gecikməsi də mühüm bir yer tuturdu. O, Səbanın yabançı əllərə düşməsindən və şərəfinin ləkədar olmasından qorxurdu. O öz-özünə: – Dünyanın gözəlini öz əlim ilə geyindirib yola saldım. Bu axmaqlıq və sadəlik deyilmidir? – deyirdi. Toxtamış da fikrə qərq olaraq mırıldanıb bu sözləri deyirdi: – Bizim sadəliyimiz orasındadır ki, belə mühüm bir işi adi bir cariyəyə tapşırdıq. Onların xasiyyətləri, başlarındakı tükün miqdarı qədər müxtəlifdir. Mən əbəs yerə demirdim ki, göydə ulduzların sayını öyrənmək nə qədər çətindirsə, qadının xasiyyətini öyrənmək də bir o qədər imkansızdır... O bizim bu qədər intizar içində çapaladığımızı nəzərə alırmı? Onun üçün gənc bir adamla oturub əylənmək Əmirdən də, Əmirin ona bağışladığı şərəfdən də qiymətlidir. Əmir Toxtamışı sakit edərək dedi: – Sən Səba xanıma inanmalısan, o mənə əbəs yerə and içməzdi. Hərgah sənin dediklərin doğru olursa, mən, onu bu gecənin özündə saçlarından asdırram. Saat üçə qədər Toxtamış Əmirin fikirlərilə razılaşmadı. Toxtamışın dediklərinə isə Əmir etiraz etdi. Çünki Əmir Səba xanımın özünə qarşı bəslədiyi sevgi və hörmətə hər şeydən artıq inanırdı. Birdən dəhlizdən ayaq səsləri gəldi. Əmir və Toxtamış şadlıqlarından dəli olmaq dərəcəsinə gəldilər. Bir azdan sonra xacə Müfid qapını açıb daxil oldu və baş endirib dedi: – Səba xanım xidmətçilərlə bərabər gəlibdir. Əmir: – Xidmətçilər dayansın, Səba xanımı içəri burax! – deyə əmr verdi. Əmir də, Toxtamış da Səbanın müvəffəqiyyətlə qayıtmamasını yəqin etmişdilər. Lakin Səba içəri girəndən sonra Əmirin və Toxtamışın vəziyyəti bir daha dəyişdi. Çünki Səba xanım tamamilə bir tuman və bir köynək ilə qayıtmışdı. O, Əmiri gördüyü zaman ağlayıb bayıldı. Xacə Müfid su gətirdi, yarım saatdan sonra Səba xanım ayılıb Toxtamışı və Əmiri başı üzərində görüncə bir daha bayıldı. Nəhayət, gecə saat beşdə onu tamamilə ayıltdılar. Əmir ona sual verdi: – Bu nə vəziyyətdir? İndiyə qədər haradaydın? Səba xanım ağlaya-ağlaya söhbətə başladı və başına gələnləri danışdı: – Mən bir az yubanmışdım. Özüm də Fəxrəddinin məni Musa dəyirmanı yanındakı söyüdlükdə o qədər durub gözləyəcəyinə inanmırdım. Çayın kənarından çox böyük bir sürətlə yuxarı qalxdım. Söyüd ağaclarının altı çox qaranlıq idi. Göz-gözü görmürdü. Bir neçə dəqiqə orada durdum, kimsəni görmədim, irəli getmək olduqca qorxulu idi. Qorxub, geri qayıtmaq qərarına gəldim. Qayıtdım, daşların arasından çayın kənarına düşmək istəyirdim, söyüdlükdən o qədər də ayrılmamışdım. Lakin bunu da demək istəyirəm ki, gəldiyim yolu itirmişdim. Hər halda o yol ilə çayın kənarına düşmək mümkün idi. Kolların içərisindən keçdiyim zaman “Teyyubə xanım gəldi” – deyə bir səs eşitdim. Bu səsin dalınca bir neçə nəfər tanımadığım adam ətrafımı aldı, məni əl üstündə kolların arasına gətirdilər. Məni bir nəfərin yanında yerə qoydular, o adam qollarını boynuma saldı və məni öpərək soruşdu: – Gözəl Teyyubəm, harada qalmışdın? Sən bir saat əvvəl gələcəyin üçün mənə vədə verməmişdinmi?! Mən qorxurdum, bütün vücudum əsirdi, qorxa-qorxa and içib dedim: – Mən Teyyubə deyiləm, mənə toxunmayın, mən Səba xanımam, Fəxrəddinin sevgilisiyəm, onunla görüşmək üçün gəlmişəm. Onlardan birisi? – Elə isə xoş gəlib səfalar gətirmisən. Bu gecə Fəxrəddinin şərəfinə bizə qonaqsan, – deyərək əlini atıb şeyləri görərkən qarışqa kimi vücuduma darışdılar. Uşaqlar çiçəkləri yoluşduran kimi üst-başımı yoluşdurdular. Cavahirlərimi alandan sonra mən yenə ağlayıb onlara yalvarırdım. Lakin məni buraxmadılar, gecə saat ikiyə kimi yanlarında saxladılar. Sonra isə bütün libaslarımı aldıqdan sonra, nəhayət, məni yola saldılar. Əmir acıqlandı, və: – Alçaq cariyə, səni saçlarından asdıracağam, – dedikdə Səba xanım ağladı və başından dəsmalı ataraq başını göstərdi. – Əmir həzrətlərinə xidmət göstərmək istərkən saçlarımı da qurban verdim. Saçlarıma düzdüyüm zümrüd və inciləri gecə qaranlığında soyub götürə bilmədiklərindən onları saçlarımla bərabər kəsib götürdülər və gedərkən dedilər: “Get Fəxrəddinə xəbər ver ki, hərgah qəhrəmandırsa, qoy gəlib sənin namusunun intiqamını bizdən alsın”. Əmir bir sual daha verdi: – Bəs apardığın məktub?! – Məktubu da, hətta Əmir həzrətlərinin Nizamini zəhərləmək üçün verdiyi zəhəri də cibimdən tapıb götürdülər. Əmir qalxıb Səba xanıma bir sillə vurdu: – Bəs mənim şərəfim?! Səba xanım bu sözə cavab verə bilmədi, çünki beş saat tamam, naməlum adamların içərisində gecələmişdi. Nəhayət, Toxtamış məsələyə müdaxilə edərək dedi: – Hərgah bu cinayəti icra edənlər Fəxrəddin tərəfindən təyin edilən adamlar olsaydı, o zaman hadisənin nəticəsindən qorxmağımız lazım gələcəkdi. Hərgah Səba xanım onların tamamilə yabançı və Fəxrəddinə düşmən adamlar olduğuna inanırsa, burada bir qorxu yoxdur. Aparılan qiymətli şeylərdən Əmirin xəzinəsində çoxdur, tüklər də bir ayın içərisində saç qərarına gələ bilər. Saxta saç düzəltmək də mümkündür. O ki qaldı şərəf məsələsinə, bu da gülünc bir işdir, çünki onlar Səba xanımın nail olduğu şərəfi yox, Fəxrəddinin şərəfini ləkələmişlər. Ola bilsin ki, onlar Səba xanımın Əmirin şərəfini daşıdığını bilsəydilər bu cinayəti etməzdilər. Əmirin acığı söndü. Vəzirin dedikləri onun başına girdi. Xacə Müfidi çağırıb dedi: – Səba xanımın paltarlarını gətir! Onun nə istəyi varsa heç bir kəsə bildirmədən düzltməlisən. Xacə Müfid getdi. Toxtamış Səba xanıma müraciət edərək onun həyəcanını təskinedici bir surətdə dedi: – Həyatda bu cür hadisələr çox ola bilər. Lakin insan heç vaxt öz mətanətini itirməməlidir. Sən sabahdan etibarən Fəxrəddini görmək üçün çalışmalısan. Onun nə üçün səni gözləmədiyini öyrənməlisən. Hərgah bu ciyanət onun düzəltdiyi bir cinayət deyilsə, onu saraya gətirmək üçün çalış. O ki qaldı Nizami məsələsinə, öz dilənçilərini əldən buraxma. Zəhəri apardılarsa, qoy aparsınlar. Ondan Əmir həzrətlərində çoxdur. Bu günlərdə Nizami ailəsinin işini bitirməlisən. Onun özü də, Rənası da, himayəsində yaşamaqda olan şairə Məhsəti xanım da bu yaxın günlərdə məhv olmalıdır. Səba xanım sevindiyindən ağlayaraq: – Bütün varlığımla bu vəzifələri yerinə yetirəcəyəm, – dedi. * * * Hiylə Atabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı. “Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı. Püsəran, Bazarcıq, Bərdə, Xürsənək, İsfahan və Xanəgah tərəflərində yaşayan xalq tamamilə başını öz daxmasına çəkib Atabəyin gəlib keçməsini gözləyir və şübhə altına alınmamaq üçün dışarı çıxa bilmirdi. Vaxtilə Əmirin əlindən şikayət etmək üçün ərizə yazdıranlar indi qorxularından qaçıb gizlənmiş və ərizələrini də yandırmışdılar. Əmir bu qədər müvəffəqiyyətə baxmayaraq yenə ehtiyatını əlindən buraxmamışdı. O, Atabəyin keçib gəldiyi yolları silahlı qoşunla polad hasar içərisinə almışdı. Atabəy keçdiyi yollarda bir nəfərin də olsa gözə görünməməsindən təəccüb edərək Əmirin vəziri Toxtamışa sual verdi: – Bütün yol uzunu təsadüf etdiyimiz abadanlıqda insan yaşamırmı? Mən Qarabağdan Gəncəyə qədər gəldiyim otuz dörd fərsəng yolda bir nəfər də olsun görə bilmədim. Əcəba bunun səbəbi nədir?! Toxtamış qocalmış və əyilmiş başını bir daha əyərək: – Belədir, əlahəzrət, belədir! – dedi. – Lakin onların yol üzərində görünməməsindən bu nökərinizin ürəyi qismən sakit olur. Çünki bir neçə gün bundan qabaq əlahəzrətin həyatına sui-qəsd etmək məqsədilə düzəldilmiş gizlin bir təşkilat ifşa edilmişdir. Allah-taala həzrətlərinə çox şükür olsun ki, Əmir həzrətlərinin gözüaçıqlığı sayəsində əlahəzrəti düzəlmiş xəyanətin bədbəxtliyindən qurtara bildik. Toxtamışın bu sözləri Atabəy Məhəmmədi hər şeydən artıq düşündürdü, çünki qardaşı Qızıl Arslan Azərbaycan xalqının atabəylərə hüsn-rəğbət bəslədiyini dəfələrlə ona yazmışdı. Toxtamış Atabəyin fikir dəryasına qərq olunduğunu hiss edərək, onun Azərbaycan xalqı haqqındakı şübhələrini bir daha dərinləşdirmək istəyərək dedi: – Üsyançı kəndlərin hamısına cəza dəstələri qoyulmuşdur. Bunu Atabəy həzrətlərinin mübarək xatırlarına kədər yeritmək üçün deyil, əlahəzrəti öz məmləkətinin vəziyyəti ilə xəbərdar etmək üçün ərz edirəm. Atabəy həzrətləri Aran məmləkətinə qədəm qoyduğu gün böyük bir üsyan başlanacaqdı. Əmir cənabları hadisənin qabağını bir ildırım sürətilə aldı. Bunların hamısı Əmir cənablarının təzə xanədanə olan səmimiyyət və sədaqətinin məhsuludur. Atabəy fikrə getsə də, Toxtamışın azərbaycanlılar haqqında verdiyi məlumata inana bilmirdi. Atabəyin qafiləsi Gəncə şəhərinə gəldiyi zaman Atabəy taxt-rəvanı saxlatdırıb at istədi. Əmir baş endirib dedi: – Əlahəzrətin əmri nökərləri üçün qanundur. Lakin əlahəzrətin at üstündə şəhərə girməsi qorxuludur. Atabəy bu sözlərlə razılaşmayaraq: – At gətirin! – dedi. Dərhal at gətirdilər. Atabəy taxt-rəvandan düşüb ata mindi. O, Gəncəni görməmişdi, şəhərlə həddindən artıq maraqlanırdı. Lakin Atabəy hər tərəfə baxsa da İraq atlılarından başqa heç bir kəsi görə bilmirdi. Ancaq saraya yaxınlaşdığı zaman müəyyən adamlardan ibarət bir istiqbal dəstəsi gördü. Bunlar mülkədarlar, ruhanilər, hökumət məmurları və sairlərdən ibarət idi. Atabəyin qafiləsinin dalısınca və qarşısınca iki mindən ibarət fars atlıları gedirdi. Atabəylər daima türk ölkələrinə səfər etdiyi zaman farsları yanlarınca götürər, fars məmləkətlərinə səyahət etmək istədikdə isə mühafizə dəstələrini türklərdən düzəldərdilər. Əmir və onun vəziri belə bir tədbir görmüşdülər: Atabəy şübhələnməsin deyə ona ərizə vermək üçün müəyyən adamlar yaxın olan küçələrdə durub Atabəyi görərkən əllərini yuxarı qaldıraraq öz ərizələrini göstərirdilər. Atabəyin adamları ərizələri yığır və ağzı bağlı bir sandıqçaya salırdılar. Atabəyə verilən ərizələrin məzmunu Əmirin ədaləti və onun məmləkət əhalisinə göstərdiyi məhəbbəti, üsyançıları məhv edib məmləkətdə əmin-amanlıq bərpa etməsi və Əmirin Aran hökumətində saxlanması arzularından ibarət idi. Ərizələrin çoxunu Azərbaycanda böyük kəndlərə və malikanələrə sahiblənmiş ərəb və farsların türklər əleyhinə verdikləri şikayətnamələr təşkil edirdi. Fəxrəddin və sairlər nə qədər cəhd etdilərsə də irəli keçmək və bircə dənə də olsa ərizə vermək imkanını əldə edə bilmədilər. Atabəy bu kimi müəmmalı vəziyyətin içərisində saray qapısına çatdı və atından düşüb saraya daxil oldu. O, üç gün heç bir kəsi qəbul etmədi, səhərdən axşama kimi verilən ərizələri oxutdurub onlardan ölkənin vəziyyətini öyrənmək istədi. Lakin bütün ərizələrdə Əmirin ədalətindən, böyüklüyündən başqa heç bir məlumat verilmirdi. Axşamları isə Atabəy vaxtını Əmirin düzəltdiyi ziyafətdə, eyş-işrətdə, saqilər, mütrüblər, rəqqasələr, gözəl cariyələr, çalanlar, oxuyanlar, nədimlər, məzhəkəçilər və təlxəklərlə əylənməkdə keçirirdi. Atabəy nə Gəncə əyanlarının, nə də qonşu hökumətlərdən gələn heyətləri qəbul etməmişdi. O əvvəlcə vəziyyəti öyrənib sonra xalq nümayəndələri və qonşu hökumətlərdən gələn heyətləri qəbul etmək istəyirdi. Lakin bu da mümkün deyildi. Çünki Əmir onu xarici dünyadan ayırıb saraya salmış və qapısını bağlamışdı. * * * Təsadüf – Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir. Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi. Buna görə o, şübhələrini Nizamiyə açmaq istədi: – İndi Əmir bizdən çox asanlıqla intiqam ala biləcəkdir. Madam ki, Atabəy üç günün müddətində bir kimsəni qəbul etməmiş və xalqın nümayəndələrini yanına çağırmamışdır, demək biz bundan yaxşı heç bir nəticə gözləyə bilmərik. – Sən, xalqın əlində qalan ərizələri yığıb saxla, qorxudan yandırılmış ərizələrin təzədən yazdırılmasına çalış. Heç şübhə yoxdur ki, Atabəyə verilən ərizələrin hamısı bizim əleyhimizə olmasa da Əmirin lehinədir. Atabəy mütləq məni öz yanına dəvət edəcəkdir. Mən sənə söz verirəm, mənə inan, əlində yığılıb qalan ərizələri Atabəyin şəxsən özünə verəcəyəm. Əmir mənə heç bir şey edə bilməz. O məni məhv etməyi bacarsaydı, Atabəyin bura gəlməsini gözləməzdi. Gec-tez mən Əmirlə üz-üzə gəlməyə məcbur olacağam. İndi çox əlverişli bir gündür. Onun xəyanətlərini üzünə çırpmaq lazımdır. Sən mənə inan, Atabəyin Əmirə qarşı bəslədiyi müsbət fikirləri tamamilə dağıdacağam. Lakin mən yalnız bir şeydən qorxuram. Nizami bu sözləri dedikdən sonra sudu. Fəxrəddin isə onun bu son sözlərindən şübhələnərək soruşdu: – Səni qorxudan səbəbləri mənə söyləyə bilməzsənmi?! Nizami Fəxrəddinin bu sualından sonra qalxıb otaqda bir qədər gəzindi və dedi: – Bizim mübarizəmizin çətinliyi orasındadır ki, mübarizə apardığımız adam hər bir alçaqlığa getməyə qabildir. Əsrimizdə bu cür adamlar çoxdur, onlar xain, dəyərsiz, qabiliyyətsiz olduqları üçün yüksəlməyi ancaq alçaqlıqda axtarırlar. Bizim mübarizə apardığımız Əmir də bu qəbil adamlardandır. O bu gün Toxtamışın tədbirləri nəticəsində yaxasını şikayətçilərin əlindən qurtardısa da, bu müvəqqətidir. Onu Azərbaycanda heç bir qüvvət yaşada bilməz. Onu burada saxlaya bilən bir qüvvət varsa o da gənc və gözəl qızı Qətibədən ibarətdir. Fəxrəddin bu sözə etiraz edərək dedi: – Ola bilməz! Qız çox gəncdir. Atabəy isə yaşlıdır. – Sən tarixi unutma. Xəlifə Qaim Biəmrullah öz on üç yalı qızı Seyidəni altmış beş yaşında olan Toğrul bəyə nə məqsədlə vermişdisə, bizim Əmirimiz də öz iyirmi iki yaşlı gözəl Qətibəsini altmış yaşında olan Atabəy Məhəmmədə haman məqsədlə verə bilər. İndi məni anladınmı? Məni qorxudan cəhət də bundan ibarətdir. Hazırda biz, alçaqlıq və həyasızlığın həqiqətlərə üstün gəldiyi bir əsrdə yaşamaqdayıq! Nə edəcəksən?! Biz hər nə olursa olsun bütün həyasızlıq və alçaqlıqlara qarşı həqiqətlə müqabilə edəcəyik; indi məğlub olsaq da, tariximiz qalib çıxacaqdır. Sənə bir vəsiyyət edəcəyəm: heç bir zaman “gedin, qorxmayın, dalınızca gəlirik” – deyənlərə inanma, elələri bir çətinlik hiss etdiyi zaman ya qayıdıb qaçar, yainki düşmənə satılaraq səni arxadan vurar. Bu xəyanəti ancaq yuxarı təbəqə içərisindən gözləməlisən. Aşağı təbəqəni qəsbkarlara qarşı mübarizənin qabaq cərgələrində görəcəksən. Onlar öz haqları və öz rəhbərləri yolunda ölməkdən qorxmazlar. Çünki onlar keçirdikləri həyatda hər gün bir neçə kərə ölüb yenə də dirilirlər. Ölüm onlar üçün o qədər də dəhşətli deyildir. Fəxrəddin Nizaminin əlini sıxaraq: – Belədir böyük şair! – dedi. – Lakin bizim arxalandığımız yoxsullar da qəsbkarlara öz avamlıqları üzündən tez-tez aldana bilərlər. Əmir isə hər gün mənim üçün bir hadisə törədir. Səba kimi bir əxlaqsızı mənə qarşı qoyubdur. Nizami heyrətlə qaşlarını çataraq soruşdu: – Səbanın hərəkətlərini sən bir hadisəmi hesab edirsən?! – Onun məni saraya aparmaq istəməsi məgər qorxulu bir hadisə deyilmidir?! – Çox əcəb, o səni saraya dəvət etdi, sən də boyun qaçırdın. Burada nə kimi bir hadisə vardır?! – Vardır. Böyük hadisə baş verdi. Haman gecə mən onunla görüşməyə getmədim. Görüş üçün bir neçə adam göndərdim. Onlar isə Səba xanımı soymuş, qiymətli şeylərini əlindən almış, özünü təhqir etmiş, hətta saçlarını belə kəsmişlər. – Sən hansı bir ağılla bu işi tutdun?! Qadını təhqir etmək, qadının saçlarını kəsmək kimə yaraşar?! Bunu özünə qəhrəman adı verən bir adam vicdanına sığışdıra bilərmi?! Fəxrəddin, acığın gəlməsin, belə görürəm ki, biz keçmiş çocuqluq və gənclik günlərimizin xatirəsilə kifayətlənərək ayrılmağa məcbur olacağıq. Mən bir qadına qarşı edilən bu cür rəhmsiz hərəkətlə razılaşa bilmərəm. Fəxrəddin hər dəfə olduğu kimi yenə də sakit durmayıb cəsarətlə cavab verdi: – Sənə bir sual verirəm: o həyasız qadın məni aldadıb saraya aparmaqda məqsədi nə idi? O məni ziyafətəmi aparırdı? Əcəba, saraya girən kimi mən məhv edilməyəcəkdimmi?! Məni öldürmək istəyən bir xainə nə cəza verə idim? Mən onu hələ öldürməli idim, lakin saçlarını kəsdirməklə bu dəfə ona xəbərdarlıq etdim. – Sənin dediklərin doğrudur. Orada səni məhv edəcəklərdi, getmədin, çox da ağıllı iş gördün. Lakin sən Səba xanımın Əmirdən gətirdiyi məktubu alıb cibinə qoymalı idin, sonra da ona nəsihət verib deməli idin ki, “mən sənin xəyanətinə qarşı səni öldürüb məhv etməli idim, lakin səni bağışlayıram, bir daha belə işlər görmə! Bu cür işlər sənin əbədi olaraq bədbəxtliyinə səbəb olar”. Məncə, Səba xanım səndən gördüyü bu alicənablığa qarşı utanar və bir daha bu cür xəyanətlərə iqdam etməzdi. – Yox, onun əxlaqı pozulmuşdur. Onu heç bir nəsihət və heç bir cəza doğru yola gətirə bilməz. Onun şəxsən mənim əleyhimə olmasının səbəbi bəllidir. Əmir də bundan istifadə edərək ona bu vəzifələri tapşırır. O isə Əmirin dediklərini ifa etməyə məcburdur. Belə olduqda mən özümü müdafiə etməyə və düşmənə öz yerini göstərməyə haqlı deyildimmi?! Nizami daha danışmırdı. Səba məsələsinin bu kimi bir təhqirlə həll olunduğu onu təbii halından çıxarmışdı. Fəxrəddin isə pərişan bir xatirla durub pəncərədən həyətə baxırdı. O, böyük bir həyəcan içində idi. O bu səhvi nəticəsində Nizami kimi bir səmimi yoldaşını itirəcəyindən qorxurdu. Lakin Fəxrəddinə təsəlli verəcək bir cəhət var idi. Nizami küsməyi bacarmaz və kin saxlamağı sevməzdi. O bir neçə kərə Fəxrəddinə acıqlanmış, bir-iki gün onu danışdırmamışdısa da, lakin sonra yenə də özü çağırıb barışmışdı. Amma onun bu son səhvi Nizamini təbii halından çıxarmışdı. O, bir dəqiqə də olsa saç kəsilməsi məsələsini yadından çıxara bilmirdi. Tez-tez evi dolaşır və deyirdi: – Kimə söyləyəsən? Bir qadını təhqir etmək bəs deyilmiş, üstəlik bir saçlarını da kəsdirdin! Fəxrəddin danışmırdı, o, pəncərədən həyətə baxıb düşünürdü. Bu anda bir dilənçi qadın küçə qapısından həyətə girdi. Həyətdə kimsə yox idi. Qadın ocağın başına tərəf irəlilədi. Bir daha o tərəf bu tərəfə baxıb qoynundan nə isə çıxartdı və tələsik ocaq üstündə qaynamaqda olan qazançaya tökdü. Dilənçi qayıdıb həyətdən çıxmaq istərkən birdən Fəxrəddin dəli kimi yerindən sıçrayaraq qışqırdı: – Dayan, haramzadə! – O cəld həyətə atıldı və dilənçinin qolundan tutub otağa çəkdi. Dilənçi qorxusundan titrəyirdi. Fəxrəddin onu üzü üstə yerə atıb xəncərini çəkdi: – De görüm qazançaya atdığın nə idi? Dilənçi qadın yalvarmağa başladı: – Rəhm et! Öldürmə. Bu mənim işim deyildi. Fəxrəddin isə sakit olmayaraq təkrar edirdi: – De görüm qazançaya atdığın nə idi? Nizami dilənçinin və Fəxrəddinin danışıqlarından heyrətə düşmüşdü. O, məsələnin nədən ibarət olduğunu və mübahisənin nə kimi bir cinayət üstündə başlandığını bilmirdi. Buna görə də Fəxrəddinə müraciət edib qışqırdı: – Bu nə deməkdir?! Mənim evimdə zavallı dilənçini nə üçün incidirsən? Fəxrəddin ona cavab verməyərək dilənçiyə təpindi: – Doğrusunu söyləməsən, heç bir nəsihətə baxmayıb səni öldürəcəyəm. Dilənçi bu dəfə Nizamiyə yalvarmağa başladı: – Məni öldürməsin, hər nə varsa, əvvəldən axıra qədər deyəcəyəm. Allah o qızın evini yıxsın, mənim bu cür işlər nəyimə lazım idi?! Nizami soruşdu: – Hansı qızı deyirsən? – Adını bilmirəm. Amma özünü tanıyıram. Əbül-Ülanın evində olduğu zaman mənə olmazın ehsanlar etmişdi. İndi də əli böyük yerlərə çatıbdır. Hər cümə axşamı qəbiristanda mənə rast gələndə yenə də ovuc dolusu pul verib kefimi xəbər alırdı. Bir gün yenə də o məni qəbiristanda görüb bir ovuc pul verdi və dedi ki, sənə bir iş tapşıracağam. Hərgah yerbəyer edə bilsən, səni dilənçiliyin əlindən qurtaracağam. Nə kimi bir iş tapşıracağını soruşdum. Dedi ki, “mən bir torpağa cadu oxutdurmuşam, onu aparıb filankəsin xörəyinə tökməlisən”. Mənim günahım bundan ibarətdir, vəssalam. Nizami Fəxrəddinə müraciətlə: – Sən bunun qazançaya bir şey tökdüyünü gördünmü? – deyə soruşdu. – Bəli, gördüm, qazançaya tökdüyü cadu torpağı deyil, sizi zəhərləmək üçün hazırlanmış zəhərdir. İndi bu saat onun zəhər olub-olmadığını bilərsən. Fəxrəddin bunu deyərək cibindən çıxardığı zəhərləri açıb dilənçiyə göstərdi: – Qazançaya tökdüyün torpaq bu torpaqdan idimi? Qadın ağlaya-ağlaya: – Bəli, bu torpaqdan idi, – dedi. Fəxrəddin Nizamiyə tərəf döndü: – Bu zəhərlər Səba xanımın cibindən çıxmış şeylərin içərisində idi. O səni də, Rəna xanımı və Məhsəti xanımı da məhv edəcəkdi. İndi deyin görüm mən onu öldürməməkdə səhv etmişəm, ya yox?! Bu onun şəxsi təşəbbüsüdür. Onu heç bir kəs buna məcbur etməmişdir. * * * Qəbul rəsmi Atabəy Məhəmmədin Gəncəyə gəldiyinin üçüncü günü carçılar Gəncə bazarında bu sözləri car çəkirdilər: “Hər gün səhər saat doqquzdan günortaya qədər Atabəy Məhəmməd həzrətlərinin təyin etdiyi hökumət məmurları əhali tərəfindən veriləcək ərizələri qəbul edəcəkdir. Bir həftənin müddətində hər kəsin ərizəsi varsa, gətirib verməlidir. Verilən ərizələri şəxsən Atabəy həzrətlərinin özü oxuyacaqdır”. Qəbul rəsmi səhər saat 9-dan başlamışdı. Eyni zamanda Atabəyin məmurları saray qapısından bir az kənarda kürsü qoyub oturmuşdular, gətirilən ərizələri ağzı möhürlənmiş sandığın deşiyindən içəri salırdılar. Əmirin böyük salonu döşənmişdi. Atabəy Məhəmməd bir neçə gün qonşu hökumətlərdən gələn heyətləri qəbul etdi. Şirvan, Gürcüstan və Abxazdan gələn heyət üzvlərini qəbul etdi, gətirilən hədiyyələri, xalıları və gözəl atları nəzərdən keçirdi. İkinci gün Gəncə xətibi və Gəncə ruhaniləri Atabəyin hüzuruna qəbul olundular. Şairlərdən ancaq Əbül-Üla çiynində qiymətli bir xələt olduğu halda Atabəyə təqdim edilərək yazdığı mədhnaməni oxudu. Əbül-Ülanın mədhnaməsindən Atabəy o qədər də xoşlanmadı, bir kəlmə də olsa danışmadı və şairi mükafatlandırmadı. Ancaq məclisə göz gəzdirib Əmirə müraciət etdi: – Bəs Gəncənin sənətkar şairi Nizami hanı? Onun şerləri Xarəzmşahlar, Şirvanşahlar, Qızıl Arslanlar sarayında oxunduğu halda, iki addım məsafədə olan Əmir sarayında onun səsi eşidilmir?! Mən Təbrizdə Qızıl Arslan sarayında qonaq qaldığım gün o, süfrə başında sənətkar şairin iki misrasını oxudu. Nə qədər mozun, nə qədər şairanə idi: Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə baxtım var, Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var. Bəs hanı Soltan Səncər xəzinəsinin qiymətli cavahirlərini yaradan Məhsəti xanım?! Hanı Azərbaycan mülkünün Xəyyamı?! O da burada yoxdur! Qızıl Arslan Məhsəti xanımdan bir neçə rübai oxuduqdan sonra məndə belə bir qənaət hasil oldu ki, Məhsətini oxuyan Xəyyamı, Xəyyamı oxuyanlar isə Məhsəti xanımı oxumuş kimidir. Mən Şimali Azərbaycan səyahətinə gəldiyim zaman hər şeydən əvvəl Xaqani, Nizami və Məhsəti xanımla görüşməyi qərara almışdım. Nədənsə mənim arzum əleyhinə olaraq sənətkar şairlərin heç birisini bu məclisə dəvət etməmişlər. Şair olmayan məclisdə xalq da yoxdur. Buradakılar isə məncə, daima Əmirin sarayında vaxt keçirən şəxsiyyətlərdir. Mənə qalırsa, Əmir bu səhvini çox tez bir surətdə düzəltməlidir. Mədəniyyəti yaradan, məmləkətin nöqsanlarını hamıdan əvvəl hiss edən, xalqın arzu və iradəsini bədii bir şəkildə ifadə eləyən ancaq şairlərdir. Əmir qalxıb baş endirdi, danışmaq üçün icazə aldı. – Atabəy həzrətlərinin buyurduqları doğrudur. Lakin şeir dünyasının tacdarı Əbül-Üla olan məclisdə gənc Nizaminin və gənc Xaqaninin şeir oxumağa cürəti yoxdur. Məhsəti xanım isə çox qoca və bərk xəstədir. Atabəy Əmirin sözünü ağzında yarımçıq qoyub dedi: – Siz elə bilməyin ki, mənim vaxtım fars və İraq-ərəbdə gedən müharibələrə məşğul olduğu üçün Azərbaycandan xəbərim yoxdur. Aldığım məlumata görə qoca şair Əbül-Üla özündən sonra şeir dünyasına yol açan gənc Nizami və gənc Xaqanini görmək istəmir. Buna görə də mən Əmirin sözünü bir cəhətdən təsdiq edərək deyirəm ki, bəli: Əbül-Üla olan məclisə nə Xaqani, nə də Nizamilər gəlmək istəməz! Bunun qüsuru yenə də məmləkətin iradəçilərindədir. Qocalara keçmişləri, gənclərə isə gələcəyi üçün qiymət verilsəydi, hər kəs öz əməyinin qədərincə mükafat alardı. Bu gün minlərcə fərsəng yoldan Gəncənin ziyarətinə gələn Atabəy öz məmləkətinin dəyərli simalarını öz məclisində görmək səadətindən məhrum edilməzdi. Əmir həzrətləri elə bilməsin ki, hökmdarlar yalnız qılıncla məşğul olmalıdır. Mən Əşrəfsani Səmərqəndi ilə görüşdüyüm zaman qoca filosof birinci görüşdə məndən gənc Nizamini soruşdu. Seyid Həsən Əşrəf Qəzvini çox ixtiyar bir şair olduğuna baxmayaraq uzaqdan-uzağa Nizaminin və Xaqaninin müridi kəsilmişdir. Mənim sarayımda aylarca qonaq qalan həkim Suzəni Səmərqəndi, Camaləddin, Əbdürəzzaq İsfahani, Həkim Muxtari, Şəhabəddin, Məhəmməd ibn Rəşid Qəznəvi, Nizami Əruzi Səmərqəndi, Şah Səncan, Xacə Cəlal Dərəkani və sairlərinin dilindən ancaq Nizami və Xaqaninin sənətkar şair olduğuna dair mədhlər eşitdim. Lakin Azərbaycanda bunun əksinə təsadüf edirəm. Burada mədəniyyətin qocalmış fikirlər əsasında qurula biləcəyi zehniyyəti yenə də bir səhv olaraq davam edir, qocalar öz səhvlərini düşünməyərək mövqelərini gənc qüvvələrə təslim etmək istəmirlər. Şəxsən mən, bir hökmdar kimi, öz fikrimi deyirəm: mən nə həcv, nə də mədh yazan şairləri xoşlamıram. Atabəy bu sözləri dediyi zaman üzünü Əbül-Ülaya tutub sözünə davam edirdi: – Azərbaycan bizim məmləkətlərimizin içərisində ən mədəniyyətli və irəlidə gedən bir ölkədir. Siz alimsiniz, özünüz tarixi yaxşı bilirsiniz. Şərqə, xüsusən İran kimi böyük bir məmləkət elm və mədəniyyəti verən İslamdan qabaq bu yerlərdə yaşayan babalarımız olmuşdur. Şübhəsiz ki, tarixdə oxuduğumuz o yüksək mədəniyyət yaşadığımız məmləkətə xaricdən gətirilməmişdir. Bu mədəniyyət, bu elm, yurdumuzda yaşamış alimlərin və filosofların fikrindən doğan qiymətli bir məhsuldur. Əbüləbbas ləqəbini daşıyan məşhur filosof Əhməd ibn Məhəmməd bu yurdun oğludur. Əbübəkr Tahiri kimi, Əbü Məhəmmədi Mürtəiş kimi alimlərə tərbiyə verən Bərdə alimidir. Azərbaycan xalqının təbiətindəki qəhrəmanlıq, Azərbaycan filosofu Əhməd ibn Məhəmmədin yazdığı fəlsəfi əsərlərində də əks etmişdir. Onun əlimdə olan əsərindən sizə bir neçə nümunə deyəcəyəm. O deyir ki: “Sən heç vaxt cəzalanmaq qorxusu üzündən susan adamlarla məsləhətləşmə”. O deyir ki: “Görüşündən müsbət bir nəticə əldə edə bilmədiyin adamın sözündən də müsbət bir nəticə ala bilməzsən”. Lakin mən qocaman şair Əbül-Ülanın gənc şairə, hətta öz damadı olan Xaqaniyə yazdıqları həcvləri Qızıl Arslanda gördüyüm zaman məyus oldum. Əbül-Ülanın, Əbüləbbasların yurdunda yaşamaq səlahiyyətinə malik olmadığını təyin etdim. Sizin Xaqaniyə yazdığınız həcvin bərabərini Xaqani sizə yazsaydı, o gəncdir, səhv etmişdir, bağışlamaq olar, deyərdik. Lakin ixtiyar bir şair, öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq yaradırsa, buna nə ad qoya bilərik?! Məncə, belə bir şair mədəni Azərbaycanın şairi olmaq səlahiyyətinə layiq deyil. Qoca şair məndən rəncidəxatir olmasın. O mənə yazdığı mədhnaməni oxuduğu zaman ətim çimçişirdi. Özüm-özümə deyirdim ki: – Əcəba, bir insanı, bir şəxsiyyəti bu qədər də təhrif etmək olarmı?! Çünki insanlara layiq olmadıqları sifəti verib tərif etmək – təhrif etmək deməkdir. Şair burasını birkərəlik bilməlidir ki, mədhnamələri ancaq axmaq adamlar sevə bilərlər. Sən mənim gördüyüm işləri təsvir etsəydin, bunun məmləkət üçün xeyirli və yainki zərərli olduğunu qeyd eləmiş olsaydın, şerinə ictimai bir qiymət vermək olardı. Sən alim bir şairsən. Özünə aydındır ki, xəlifə nüfuzu hökm sürən məmləkətlərin içərisində Azərbaycan hamıdan artıq diqqət-nəzərini cəlb edir. Bu məmləkətdə olan siyasətin, iqtisadi və ictimai həyatın özü də başqa məmləkətlərdən fərqlidir. Bu məmləkətin üsyançısı da, qəhrəmanları da, başqa məmləkətlərə nisbətlə mədəni, ağıllı və bacarıqlı olmuşlar. Yurdumuzun Babəki, daha əvvəl Astiyaqı, Fərhadı, Şərq dünyasını kökündən dəbərtmiş olan tarixi simalardır. Onların övladının şüurunu həcvlər və mədhnamələrlə korlamaq istəyən şairlər, məncə, xələtlərə yox, cəzalara layiqdir. Atabəy bundan sonra Əmirə və xətibə tərəf üz tutub dedi: – Bu gün hökmüm altında olan bütün məmləkətləri beş barmağım kimi tanıyıram. O məmləkətlərin heç birisində Məhsəti xanım kimi aləmşümul şöhrətə malik olan bir qadın nəzərimə dəyməmişdir. Lakin siz onu nə kimi bir mükafatla qiymətləndirdiniz?! Ona “əxlaqi pozğun” deyərək evini daşa basdınız, bünövrəsindən yıxdınız, onun ağarmış saçlarından utanmayaraq üzünə tüpürdünüz. Mədəniyyət tariximizə silinməz bir ləkə vurdunuz. Mənim hökm sürdüyüm bir məmləkətdə bu cür rüsvayçılığın baş verməsi xanədanımızın tarixində bir ləkə olub qalacaqdır. Atabəy Məhəmməd sözünü bitirdi. Əmir yenə ayağa qalxdı, icazə alıb danışdı: – Atabəy həzrətləri xalqın avamlığını bilməmiş deyil. Məhsətini qara camaat tökülüb sürgün etmişdi, qara camaat da gedib təntənə ilə Gəncəyə gətirdi. Atabəy Əmirin sözləri ilə razılaşmadı, qəti olaraq əmr verdi: – Səhvləri düzəltmək lazımdır. Məmləkət idarəsi başında duran adamlar hər kəsin öz qiymətini verməlidir. Rəqqasəlik, xanəndəlik, rəssamlıq, nəqqaşlıq, şairlik və sairlərin hamısı bir mədəniyyətin məhsuludur. Lakin şairin əməyinin qiymətini rəqqasəyə vermək, şeir mədəniyyətinin qarşısına hasar çəkməkdir. Belə hallarda yazıçı və şair gülünc bir vəziyyətdə qaldığı üçün özlüyündə: – Yazıçılığı, şeiri buraxıb rəqqasəlik etsəydim, daha xoşbəxt olardım – deyə düşünərdi. Mən dünən gecə Əmirin rəqqasələrinin daşıdığı daş-qaşı, zər-zivəri gördüyüm zaman, Nizami və Məhsəti xanımın bir arıq inəyin südü ilə yaşadıqlarını xatırladım, başımda tüklərim qabardı. Təbiidir ki, Nizami və Məhsəti ehsanlar üçün şeir yazan sənətkarlar deyildir. Lakin bizdən qədrdanlıq tələb olunur. Mədəniyyətin inkişafı bunu hər bir hökmdardan tələb edir. Şairə verilən qiymət onun acılığı üçün yox, sənəti və yaradıcılığı üçün verilir. Əmir cənabları bu saat öz adamlarını göndərib Nizamini və Məhsəti xanımı öz dostları və tanışları ilə bərabər bura dəvət etməlidir. Yüksək təbiətli bir zatı görmək nə qədər maraqlıdırsa, onun həmsöhbətlərini görmək də o qədər maraqlıdır. Atabəy bu sözlərdən sonra, Şirvan şahı tərəfindən gəlmiş heyətin sədri Nəcməddinə müraciət edib: – Mənim səmimi salamlarımı Əbdülmüzəffər həzrətlərinə aparıb deyərsiniz ki, iki məmləkət arasında olan səmimi dostluq əlaqəsi tarixi əsaslar üzərində daha da inkişaf edəcəkdir. Mən Şimali Azərbaycana gəldiyim zaman qardaşım Qızıl Arslan xüsusi bir sifariş vermişdir ki, o da Nizami, Xaqani və Məhsəti xanıma səmimi salamlar yetirməkdən ibarətdir. Şirvana getdiyiniz zaman Qızıl Arslanın salamını gənc şair Xaqaniyə yetirin. * * * Muğan Dördüncü gün Atabəy Məhəmməd Nizami ilə Məhsəti xanımı və həqiqi Azərbaycan nümayəndələrini qəbul edəcəkdi. Atabəy verilən ərizələrlə məşğul olduğu üçün rəsmi qəbul vaxtı iki saat təxirə salınmış və bu barədə nümayəndələrə xəbər verilmişdi. Saat 11-də Atabəy qəbul salonunda göründü, yığılmış nümayəndələri gözdən keçirib salamladı və Əmirə müraciətlə: – Torpaq üstündə şikayət verənlər burada hazır deyilsə, hazır edilmələrinə əmr verin. Əmir ban endirib: – Hamısı buradadır, əlahəzrət, – dedi. Atabəy sözünü davam etdirib soruşdu: – Qabaqca mənə verilən ərizələrin hamısı torpaq sahiblərindən idi. Mənə elə gəlir ki, indi torpaqlarda yaşayanları da dinləmək lazımdır. Dünən verilən ərizələr içərisində mülkədarlar tərəfindən verilən ərizələrə cavab verə biləcək vəsiqələr vardır. Lakin mən bununla kifayətlənə bilmirəm, kəndlinin özünü danışdırmaq daha da faydalı olar. Hüsaməddin qəbul salonuna daxil olub baş endirdi: – Nizami və Məhsəti xanım gəlir. Salon bir-birinə dəydi. Şair Əbül-Üla Gəncə xətibi ilə yan-yana oturmuşdu. Onlar salonda oturanlara göz gəzdirib nə kimi bir vəziyyət aldıqlarını yoxladılar. Hər kəsin üzündə bir şadlıq əlaməti hiss etdilər. Yalnız, Əmiri özləri kimi qəmgin və narazı bir çöhrədə gördülər. Əmir də onların vəziyyətini hiss edərək qaşları ilə, çiyinləri ilə işarə verdi. Bu işarə “nə etməliyik, məcburiyyət vardır” sözlərini ifadə edirdi. Xidmətçilər salon qapısının ipək pərdəsini qaldırdılar. İki böyük zat içəri girdi. Onlardan birisi gənc şair Nizami, o birisi isə qoca şairə Məhsəti xanım idi. Birisinin saç və saqqalı qapqara idi, o birisinin saçları isə işıqlanmağa başlamış dan yeri kimi parlayırdı. Atabəy onlara baxdığı zaman iki böyük dünyanın onun oturduğu taxta tərəf irəlilədiyini hiss edir və düşünürdü. Məhsəti xanım həm qocalıq, həm də xəstəliyinə cəhət olduqca zəif idi. Onun bir qolundan Nizami, o biri qolundan isə Fəxrəddin tutmuşdu. Atabəy, artıq taxtının üstündə oturmağı bacarmadı, sürətlə yerindən qalxdı. Atabəy ayağa qalxdığı zaman kimin öz kürsüsü üstündə oturub qalxmamağa cəsarəti var idi?! Əmir də dərhal ayağa qalxdı, qonşu dövlətlərin nümayəndələri, Gəncə ruhani və əyanları, hətta Əbül-Üla və Gəncə xətibi də ayağa qalxdılar. Atabəy onların daha da irəli gəlib baş endirmək, yaxud salam vermələrinə razı olmadı. Dərhal irəli gedib qabaqca Məhsəti xanımın əlini öpdü, sonra da Nizaminin əlini sıxıb görüşdü. Fəxrəddinə tərəf dönüb Nizamidən soruşdu: – Bu cənabı tanımıram. Nizami cavab verdi: – Bu cənab Aran əsilzadələrindən, Aranda öz qılıncları ilə şöhrət qazanmış Soltanlı tayfasındandır. Adı Fəxrəddindir. Aran xalqının nümayəndəsi sifətilə əlahəzrətə təqdim olunmaq üçün gəlmişdir, mənim məktəb yoldaşım və gənclik sirdaşımdır. Atabəy Fəxrəddinin əlini sıxıb: – Ziyarətinizdən məmnun və məhzuz oldum, – dedi. Sonra Nizami və Məhsəti xanıma tərəf dönüb əlavə etdi: – Məni bağışlayın. Qardaşım Qızıl Arslanın salamını sizə yetirmək üçün özüm yanınıza gəlməli idim. Lakin sizi bu tarixi məclisdə görüb qardaşımın salamını yetirmək istədim. Qızıl Arslan sizin rahətinizi təmin etmək üçün mənə dəfələrlə tapşırıq vermişdir. O, iki nəfər sənətkarın bir inəklə güzəran etdiklərini çox təəssüflə mənə söyləmişdir. Eyni zamanda sizin heç bir kəsdən mükafat və xələt qəbul etmədiyinizi də əlavə eləmişdir. Lakin cəsarətlə demək istəyirəm ki, yoxsulluq və ehtiyac şairin yaradıcılıq qüdrətini azalda bilər. Əyləşin, rica edirəm. Atabəy bunları söylədikdən sonra Nizamini sağında, Məhsəti xanımı sol tərəfində əyləşdirdi. Atabəy Məhəmməd söhbət arasında Nizamiyə müraciətlə: – Mən Həmədandan Şimali Azərbaycan səyahətinə çıxdığım zaman sizin yazdığınız şerləri öz ağzınızdan eşitmək arzusunda idim. Bu gün həmən arzularıma nail ola bilərəmmi? Nizami: – Mən heç vaxt mədhnamələr yazmamışam, sizin də mədhnamələr sevmədiyinizi bilirəm. Qardaşınızın məktublarından bunu hiss etmişəm, – dedi. – Mən arzu edərdim ki, siz bir şerinizi mənə oxuyasınız. – Hansı şeri? – “Fəqirəm, bəxtiyaram” sərlövhəli şerinizi. – Etirazım yoxdur. Nizami bu sözü söylədikdən sonra ayağa qalxdı. Bütün nümayəndələr qulaq kəsilərək şairin səsini eşitmək və onun sənətcə böyüklüyünü görmək istəyirdi. Nəhayət, şair şerini başladı: Fəqirəm bəxtiyaram Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə baxtım var, Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var. Bu dəhrin yummuşam göz sərvətindən, xələtindən mən Fəqirəm, feyz alır yüzlərcə hatəm şer süfrəmdən. Bulanmaz xatirim, dərya qədər fikrimdə yekrəngəm, Bir ölçülməz mühitəm, öz mühitimlə həmahəngəm. Nə dərdim? İncilərdən incədir hər beytim, hər fərdim, Qəzəlxan bülbüləm, hər bağçadan bir türfə gül dərdim. Süleymanlar gəlib sərmayə alsın söz xəzinəmdən, Bir əflakəm, düşər bir gün günəş dünyayə sinəmdən. Deyil fərzanə baş, əhsan üçün təzim edən başlar, Dağam, sinəmdə çoxdur tacları təzyin edən başlar. Dənizlər yerləşir sinəmdə, qorxum yox təlatümdən. Fəqirəm, bəxtiyaram, bir yenilməz kainatam mən. Nizami şerini oxuyub yerində oturdu. Atabəy isə başına fikirli bir surətdə hərəkət verərək: – “Fəqirəm, bəxtiyaram, bir yenilməz kainatam mən” – deyə bir daha təkrar etdi, sonra Nizaminin əlini bir daha iki əllərilə tutub sıxdı və Məhsəti xanıma dönərək ona müraciət etdi: – İndi də ölkəmin fəxri olan möhtəşəm qadının səsini eşitmək istərdim. Məhsəti xanım yerindən qalxdı, üzünü məclisə tutub bu rübaini oxudu: Ma mərdü meyim, dər Xərabatu müqim, Nə mərdü səccadəim, nə mərdü kilim, Qazi nəxürəd mey ki əzan darəd bim, Dürdüyyi xərabat beh əz malü yətim. Məhsəti xanım bu rübaini yetim malını süpürləyib yeyən və hazırda Atabəyin məclisində əlində təsbeh oturan Gəncə qazisi haqqında dedikdən sonra, üzünü vaxtilə onu Gəncədən sürgün etdirən xətibə tərəf tutub aşağıdakı rübaini oxudu: Ey sahibi fitva, zi to pürkar tərim! Ba in həmə məsti zi tö huşyar tərim. Tö xunu kəsən xurivü ma xuni rəzan, İnsaf büdeh, küdamü xunxar tərim?! Sonra xətibin nəhayət dərəcədə xəcalət çəkdiyini hiss edincə bu rübaini də əlavə oxudu: Çün mavu şüma, müqabili yekidigərim Beh zan nə bünəd ki pərdeyi həm nədərim. Ey xacə, tö eybü mən məqu, ta mən niz Eybü tö nə qüyəm, ki yek-əz yek bətərim. Məhsəti xanımın bu rübaisindən Atabəy Məhəmməd də, qazi də, xətibin özü də gülüb bir səslə “Əhsən!” dedilər. Atabəy qalxıb bir daha Məhsəti xanımın əlini öpdü. Məhsəti xanım xəstə olduğu üçün Atabəy Məhəmməd onun və qonşu hökumətlərin nümayəndələrinin getmələrinə icazə verdi. Sonra katibinə əmr verdi: – Sənə tapşırdığım torpaq ixtilafı haqqında verilən ərizələri gətir. Katib dərhal qalxıb ərizələri gətirdi. Atabəy ərizələri məclisə göstərib dedi: – Bu ərizələrdə yazılana görə aranlılar Muğanda olan üç kəndin sahiblərinə vergi (bəhrə) vermək istəmirlər. Bu barədə Şimali azərbaycanlıların nə kimi qanuni haqları ola bilər?! Mən burala ikən torpaq məsələləri ilə məşğul olmaq istəmirəm. Buradan qayıdandan sonra Qızıl Arslanla torpaq məsələləri barəsində məsləhətləşəcəyəm. Məclisdə bu suala səs verən olmadı. Nizami Fəxrəddinin üzünə baxdı. Fəxrəddin bu baxışdan dərhal danışmaq lazım olduğunu anlayaraq ayağa qalxmaqla Atabəyə sual verdi: – Atabəy həzrətləri lütfən o kəndlərin adını bilməzmi? Atabəy kəndlərin adını saydı: – Ərəbli, Ərəb şahverdi, Ərəb ban oğlan kəndləridir, – deyib əlavə etdi: – Ərizələrdə göstərildiyinə görə mülk sahibləri yüz minlərcə dirhəm sərf edib bu kəndləri saldırmışlar. Bu kəndləri suvarmaq üçün yenə də neçə yüz min qızıl dirhəm xərc qoyub böyük arx çəkdirmişlər. Fəxrəddin yenə də sual verdi: – Rica edirəm ərizə sahibləri buyursun görək Muğana onlar hansı arxı çəkdirmək üçün neçə yüz min qızıl dirhəm xərcləmişlər?! Atabəy ərizə verənlərin danışmalarına icazə verdi. Onlar Muğana Gavur arxını çəkdiklərini söylədilər. Bunlara cavab vermək üçün söz Fəxrəddinə verildi. Fəxrəddin ayağa qalxıb danışdı: – Əvvəla, bunu demək istəyirəm ki, bu ağaların iddia etdiyi kəndlərin tarixi ərəb istilasından çox əvvəldir. Bu kəndlər skiflər, bəlkə də midiyalılar dövründən Muğanda mövcud olan kəndlərdir. Çünki burada olan köhnə məzarlar, qəbiristanlar və tökmə təpələr də bunu bizə isbat edir. Ərizədə göstərilən “Ərəbli”, “Ərəb şahverdi”, “Ərəb ban oğlan” kəndləri Aran xalqına öz babalarından irs qalmış kəndlərdir. Atabəyə məlum olduğu üzrə fatehlərin ayağı dəyən yerlərdə bütün münbit və məhsuldar torpaqlar onların öz varisləri və öz sərkərdələri arasında bölüşdürülmüşdür. O kəndlərin ağaların pullarilə tikildiyi iddiasına gəldikdə isə haman kəndlərin köhnə adları göstərir ki, onlar ərəblər tərəfindən bina olunmamışdır. Əvvəlcə, onların “Ərəbli” dedikləri kəndin köhnə adı “Aran” kəndidir. Orada olan kitabələr və sairələr də bunu isbat edir. Lakin ərəblər aranlıları oradan köçürüb, ərəbləri yerləşdirdikdən sonra kəndin adını dəyişib “Ərəbli” qoymuşlar. “Ərəb şahvedi” kəndi əvvəlcə “Şahverdi” kəndi idi, ərəblər yerliləri sürgün edib kəndi özlərininkilərə verdilər. O zamandan bəri kəndin adı “Ərəb şahverdi” qaldı. Elə də – “Ban oğlan” kəndi. Orada da ərəblər yerləşəndən sonra kənd “Ərəb ban oğlan” adlanmışdır. Atabəy həzrətlərinə ərz etmək istəyirəm ki, bu gün Azərbaycan mülkədarlarının əlində ata-babalarından qalmış minillik torpaq qəbalələri vardır. Hərgah, doğrudan da, bu ağalar iddia etdikləri kəndləri ikinci bir adamdan almışlarsa, onların əllərində qəbalələri olmalıdır. Yaxud kəndləri özləri saldırmışsa, yenə də kəndin salındığı yeri bir adamdan almaq lazım gəlirdi. Yalnız bu üç kənd deyil, bir çox kəndlər vardır ki, onların xalqını qovub yerində ərəb və fars fatehlərini yerləşdiriblər. Ümumiyyətlə, əvvəlcə burada əlahəzrətin hüzurunda Muğan məsələlərini qoymaq lazımdır. Mən bu uzun məsələyə keçmədən qabaq ağaların Muğana “Gavur arxı” çəkdikləri iddiasına cavab verəcəyəm. Gavur arxının tarixi hər kəsə məlumdur. Muğan birinci dəfə ərəb fatehləri zamanında dağıdılmamışdır. Ondan əvvəl də fatehlər bu bərəkətli ölkəni dağıdıb bölüşmüşlər. Ağaların iddia etdiyi haman bu arx, Miladdan 320 il əvvəl Makedoniyalı İskəndər zamanında yenidən bərpa edilmişdir. Bu vəsiqələri bir tərəfə buraxaq. Hərgah Gavur arxı bu ağaların özü və babaları olan ərəb fatehləri tərəfindən çəkilsəydi, ona “Gavur arxı” adını qoya bilməzdilər. Bu adın özü də göstərir ki, bu arx islamiyyətdən əvvəl bizim babalarımız tərəfindən qayırılmışdır. Çünki ərəblər bizim babalarımızı “kafir” deyə çağırırdılar. Atabəy Məhəmməd: – Əhsən! – deyərək Fəxrəddini təqdir etdi. Fəxrəddin Atabəydən Muğan məsələsinə aid sözünə davam etməyə icazə istədi. Atabəy: – Gənc natiq, səni çox məmnuniyyətlə dinləyirəm, – deyə ona icazə verdi. – Əlahəzrət Muğanın tarixini oxumamış deyildir. Muğan Azərbaycan kəndlisinin əlində olmazsa, iqtisadi həyatı lazımi məhvər üzərində aparmaq mümkün olmayacaqdır. Muğanın hazırda böyük bir hissəsi Şirvan şahlığının əlindədir, qalan yarısını isə dörd-beş nəfər ərəb fatehlərinin nəvələri mənimsəmişdir. Əlahəzrət Muğanın Şirvan şahlığı əlində olan hissəsi haqqında da sərəncam etməlidir. Atabəy gülümsəyərək: – Şirvanın Muğandan istifadə etməyə haqqı vardır, – dedi. Tarix boyu onlar bu torpaqdan istifadə edib, yenə də etməlidirlər. Şirvan hissəsinə düşən Muğan heç bir vaxt aranlıların əlində olmamışdır. Fəxrəddin: – Əlahəzrət, icazə verin! – deyərək sözünü davam etdirdi: – Mən hazırkı rəsmiyyətə salınmış Şirvan haqqında danışmıram. – Bəs nədən danışırsınız?! – deyə Atabəy təəccüblə soruşdu: – Mən elə zənn edirəm Azərbaycan xalqının şikayəti ancaq torpaq üzərindədir. Mülkədarların iştahası heç bir qanuna tabe deyil. Yerli hökumətə gəldikdə mülkədarların tərəfindədir. Kəndlilərin ağır vəziyyətindən danışanlar üsyançı adlanır. Əmir tərəfindən təqib edilir, ədiblər və şairlər belə ölüm və zəhərlə qorxudulur. Atabəy başını aşağı salıb dinləyirdi, Fəxrəddin sözünü bitirdikdən sonra katibinə müraciət edib dedi: – Zənn edirəm verilən ərizələr haqqında danışmaq yersizdir, çünki ərizələrin hamısının məzmunu cənab Fəxrəddinin buyurduqlarından ibarətdir. Muğanda olan ixtilaflı malikanələr haqqında qeydlər götürün, bu barədə Qızıl Arslana tapşırıqlar verəcəyəm. Əmirin uyğunsuz hərəkətləri və ədiblərin, şairlərin zəhərlə təqib edilmələri barəsində isə ciddi təhqiqat aparmaq lazımdır. * * * Son çarə Əmirin son çarəsi əvvəlcə düşündüyü məsələdən ibarət idi. O, ifşa edilmişdi. O, hökumətdə qalmaq üçün nə qədər düşünürdüsə də özündə müsbət bir tərəf görə bilmirdi. Onun xalq şikayətinə yol verməmək tədbirləri, Atabəyə mədhnamə yazdırması tamamilə əks nəticə verəndən sonra qadınını yanına çağırıb çox qəmgin bir halda dedi: – Ata-babaların sözüdür: “Yaxşı şeyi yaman gün üçün saxlarlar”. Çox yerində deyilmiş sözlərdir. Sən qızın özünə də tapşır, bir daha bunun kimi əlverişli fürsət heç kəsin əlinə düşməz. O ki qaldı atan xəlifəyə, o da çox qocadır. Onun da başını dəmirə tutmayıblar. O, dünya durduqca yaşamağı bacarmayacaqdır. Buna görə də biz arxamızı daha möhkəm, daha yıxılmaz bir sütuna söykəməliyik. Hökuməti əlinə alan və təzə xanədan təşkil edən Eldənizlərin məhv olması bu gün və ya sabahın işi deyil, onlar hələ çox zaman yaşaya biləcəkdir. Biz mühüm bir cəhəti də nəzərdə tutmalıyıq, qızımız Qətibənin gələcəyi haqqında düşünməliyik. Nə qədər ki, xəlifə ölməmişdir, o, qiymətli və əzəmətli bir qız kimi yaşayacaqdır. Xəlifə öləndən sonra isə işlər tamamilə dəyişəcəkdir. Gözəllik, nəcib bir xasiyyətə bağlı olmadan heç bir iş görə bilməz. Sən bilirsən ki, Bağdadda köhnə xəlifələrin minlərcə cariyələrdən minlərcə qızları və nəvələri vardır. Onlar hamısı da vaxtında xəlifə nəvəsi kimi şöhrət tapmışdılar. Lakin xəlifələr öləndən sonra kölələr, qatırçılar və sairələrlə yaşamağa məcbur oldular. Biz də fürsəti əlimizdən buraxsaq, qızımız haman qızların tayı olub qalacaqdır. Safiyə xatun ərinin uzun-uzadı sözlərini eşidəndən sonra ona bu sualı verdi: – De görüm, nə istəyirsən? Nə üçün açıq danışmırsan? Tutaq ki, sən dediyin sözlərin hamısı bir həqiqətdir. Mən nə edə bilərəm?! Əmir təəccüblə onun üzünə baxaraq dedi: – Necə yəni mən nə edə bilərəm?! Ana deyilsənmi?! Qızı bəzəndirib Atabəyə göstərə bilməzsənmi?! – Mən qızı nə vasitə ilə Atabəyə göstərə bilərəm? Bu hərəkət yersiz düşməzmi? Əmir öz-özünə mırıldandıqdan sonra Safiyə xatuna tərəf dönərək dedi: – Heç də yersiz düşməz. Səni Bağdad sarayında mənə nə cür təqdim etdilərsə, sən də Qətibəni Gəncə sarayında Atabəyə o cür təqdim edərsən. – Məsələnin çətin yeri burasındadır ki, qızının yanında ərə getmək adı çəkiləndə dünyanı dağıdır. – Mən bilmirəm, buna hər nə ad qoyursan qoy, o sənin öz işindir. Amma gərək qızı Atabəyə göstərəsən. O ki qaldı qızın dünyanı dağıtmasına, o da ümumi haldır. Sən də mənə göstərildiyin zaman demişdin ki, Bağdadı dağıdaram. Amma heç köhnə bir damın kərpicini də yerindən tərpədə bilmədin. – Qız şairdən ümidini kəsəndən bəri bütün kişilərə nifrət edir, onların üzünü görmək istəmir. – Ağıllı ol, kişilər hamısı birdir. O bilsə ki, böyük Atabəy, doğrudan da, ona evlənəcəkdir, kişilərə olan nifrəti yadına da düşməz. Qız uşağı hiyləgər pişiklərə bənzər, əlinə gəlməyən hər bir şeyə nifrət bəslər, əlinə keçən şeyi isə heç kəsə verməz. Bunların hamısı sənin qıza nə cür yanaşmağından asılıdır. Sən qızı inandırmalısan ki, bizim bütün müqəddəratımız onun bu görüşməyə razılıq verməsindən asılıdır. Burada taxt-tac məsələsi də vardır. Mənim qızımın bacarığı olsa, Azərbaycan taxt-tacını əlindən buraxmaz, bir neçə ildən sonra mən öz nəvəmi həqiqi bir varis kimi Azərbaycan taxtına çıxarmağı bacararam. Atabəy Eldəniz kim idi? Bir kölə idi. Bu gün isə onun oğlanları ucu-bucağı olmayan bir məmləkətin hökmdarlarıdır. Mənim nəvəm isə bir tərəfdən xəlifənin nəticəsi, o biri tərəfdən də mənim, Əmirin nəvəsi olacaqdır. Mənim də başımı dəmirə tutmamışlar, mən də bu gün sabah öləsiyəm, lakin arzulara çatandan sonra ölmək o qədər də nisgilli və qorxulu bir ölüm deyildir. Dediyim kimi olarsa, mən arxayın ölərəm, bilərəm ki, mənim övladımın gələcəyi təmin edilmişdir. Əmirin son sözündə Qətibə də otağa daxil oldu. Əmir İnanc onu adəti üzrə öz yanına çağırdı: – Gəl otur sevimli Qətibəm, gəl otur! Qətibə oturdu, Əmir yenə də onun alnından öpüb saçlarını sığalladı və dedi: – Atabəy şərəfinə verilən ziyafətdən o qədər də ümidverici bir təsir ala bilmədim. Atabəy hər bir sözündə Nizami ilə Qızıl Arslan arasında mövcud olan dostluğu qeyd etdi. Şübhəsiz ki, bu dostluğun içərisində mənə qarşı bir düşmənlik qoyulmuşdur. Yerlilərin bizim başımız üzərindən Qızıl Arslana müraciət eləməsi, mənim Şimali Azərbaycanda nüfuzumun düşməsi deməkdir. Biz hər halda bu suiqəsdin qarşısını indidən almalıyıq. Atabəyin Əbül-Üla əleyhinə olan çıxışı və Xaqani şairi müdafiə etməsi də batində mənim əleyhimədir. Çünki Əbül-Ülaya mən xələt verib irəli çəkmişdim. Bunların hamısı mənim hökmranlığımın son günlərini yaxınlaşdırır. Görünür ki, Atabəy buradan müsbət bir fikirlə getməyəcəkdir. Atabəy hazırdakı əhval-rühiyyə ilə Təbrizə gedərsə bir aydan sonra Qızıl Arslan mənim yerimə təzə hakim göndərəcəkdir. Atabəyin qəbul rəsmindəki sözləri də mənə yaxşı ümidlər vermədi. Xüsusən kənd və torpaq məsələlərində bizim adamlarımızın sükut etməyə məcbur olmaları, Fəxrəddinin isə çıxış etməsi mənim həyatımın dəyişməsi üçün qorxulu bir başlanğıcdır. Hərgah Atabəy buradan getməmiş onu ələ almazsaq, Gəncədə bizim düşmənlərimiz hakim olacaqdır. Bu barədə anan da, sənin özün də düşünməlisən. Gələcəyin qeydinə qalınmazsa, əmr-vaqe bizi alt-üst edəcəkdir. Qətibə başını atasının çiynindən qaldırıb soruşdu: – Tutaq ki, dediklərinin hamısı doğrudur. Mənim əlimdən nə gələr? – Sənin əlindən hər şey gələr. Bu işlərin mən istəyən məhvər üzərində davam etməsi üçün sənin böyük vəzifən vardır. Sən Şərqin birinci gözəlisən, Əmirin qızı, xəlifənin nəvəsisən. Bir az əvvəl anana danışdım. Bu gözəllik, bu şöhrət mənim və xəlifənin nüfuzuna əsaslanır. Lakin mən və xəlifə öləndən sonra bu gözəllik adi bir gözəllik olaraq qalacaqdır. Buna görə də sən öz gələcəyini möhkəm bir əsas üstündə qurmalısan. Atabəy də pis namizəd deyil. Sonrasını özün bilərsən, bunu heç vaxt atalar qızlarına öyrətmirlər. Ağıllı qızların özü bunu bacarmalıdır. Qətibə artıq atasının nə demək istədiyini anladı və ciddi bir vəziyyət alaraq dedi: – Mən birinci kərədir ki, qızların öz-özünə ərə vermək üçün elçi getdiklərini eşidirəm. Mən heç vaxt bunu bacarmaram. Mən gedib Atabəyə deyə bilərəm ki, bunu bacarmaram. Mən gedib Atabəyə deyə bilmərəm ki, “gəl mənə evlən”. Bu təklif mənim də, ailəmizin də şərəfsizliyini göstərər. Əmir gülərək onun saçlarını oxşadı və: – Ağılsız qızım! – dedi. – Burada heç bir şərəfsizlik yoxdur. Bəzən şərəflər şərəfsizliyin içərisindən süzülüb çıxır. O ki qaldı sənin gedib evlənmək üçün təklif edə bilmədiyinə, bunu mənə danışma, qızlar istədikləri zaman bu təklifi etmək üçün yol tapırlar, ən buna qadir olduğunu şairlə olan yazışmalarında göstərdin. Bu söhbətlər əsnasında xacə Müfid daxil olub Atabəyin gəldiyini xəbər verdi. Safiyə xatun və Qətibə özlərini itirdilər, hansı tərəfdən çıxıb gedəcəklərini bilmədilər. Lakin Əmirin özü, çox soyuqqanlı hərəkət etdi, çünki xacə Müfid Əmirin tapşırığına görə Atabəyi qəfildən Əmirin ailəsi olan otağa gətirmişdi. Qətibə və Safiyə xatun çıxmaq istərkən Atabəy içəri girdi, lakin o içəridə qadın və qız olduğunu görərkən qayıtmaq istədi, Əmir isə onu qarşılayaraq: – Buyurun, əlahəzrət! – dedi və təzim etdi. – Yanımda yabançı adam yoxdur. Yanımda xəlifənin qızı və nəvəsidir. Əmirəlmömininin qızı və nəvəsi əlahəzrəti ziyarət etmək istəyirdilər. Atabəy Əmir İnancın bu sözlərindən sonra bir an durub düşündü, sonra irəli gəlib xəlifənin qızının əlindən öpdü və: – Biz də Əmirəlmömininin övladıyıq, – dedi. – Həzrət xəlifə bizim atamız olmaqla bərabər, eyni zamanda, bütün islam xalqının da ruhani və mənəvi atasıdır. Əmir dərhal əlavə etdi: – Mənim də xoşbəxtliyim xəlifə ailəsi üzvlərindən hesab olunduğumdur. Çünki xəlifənin ən uzaq bir qohumu belə peyğəmbər ailəsinə yaxın olmaq şərəfini daşımaqdadır. Dünyada və axirətdə mənim üçün də bu şərəf lazımdır. Bu söhbət zamanı Safiyə xatun ilə Qətibə Atabəylə vidalaşıb getmişdilər. Atabəy isə zahirdə Əmir İnancı dinləyir, batində isə bir neçə dəqiqə əvvəl gördüyü gözəl afət haqqında düşünürdü. Onun canında sanki özünün hiss etmədiyi bir şey dolaşır və rahatlığını pozurdu. Əmir İnanc gözünün ucu ilə ona baxırdı. Atabəyi adi halında görməyərək oxunun hədəfə dəydiyini hiss edir və sevinirdi. Atabəy isə şam süfrəsi başında da qızı düşünürdü. Onu ani olaraq gördüyü üçün şəklini tez-tez unudur, beynini və hissini səfərbər edərək Qətibənin çöhrəsinə qəlbində müəyyən bir biçim verirdi. Lakin cürbəcür düşüncələr, yenə də qızın çöhrəsini onun qəlbinin güzgüsündən silirdi. Atabəy yediyini bilmirdi, hansı xörəyə əl uzatdığından xəbəri yox idi. O piyaləni gözünün qarşısında tutub içmək istədiyi zaman piyalədə Qətibənin çöhrəsini görüb diksinir və onu gözündən itirməmək üçün piyaləni içməyə cəsarət etmirdi. Hər piyaləni içməsi uzun dəqiqələr çəkirdi, sonra yeməyə məşğul olurdusa, lakin bu uzun çəkmirdi, o yenə xəyala gedirdi. Əmir süfrə başında Atabəyin aldığı vəziyyətdən mənəvi nəşə alır və qəlbində öz-özünə deyirdi: – İndi mən öz məqsədimə yaxınlaşıram. Əleyhimə olan çıxışların hamısını sabun köpüyü kimi partladacağam. Dünyada qadın və şəhvət olmazsa, kişilərin qəlbindəki inad və müqaviməti heç bir qüvvə qıra bilməz. Atabəy əlini şam süfrəsindən çəkdi, cariyələr və xidmətçilər şam süfrəsini yığdılar. Atabəy Əmirlə vidalaşıb öz yataq otağına getdi. Kənizlər, cariyələr və gözəl qızlar Atabəyi hamama aparıb çimdirdilər. Onu yatağına gətirib yuxulaması üçün püştmal etdilər. Lakin onu yuxu aparmadı. Nəhayət, belə bir əmr verdi: – Xacə Müfiddən başqa hamı getsin! Yataq otağı boşaldı. Xacə Müfid ayaq üstündə durur, Atabəyin sözü haradan başlayacağının intizarını çəkirdi, çünki onun qəlbinə bir ilan daxil olduğunu yəqin etmişdi. Nəhayət, Atabəy, özünü ürək çırpıntılarının əlindən alıb xacə Müfidi səslədi: – Otur, xacə Müfid, otur, görünür ki, bu gecə sənin də rahətini pozacağam, çünki məni yuxu aparmayacaqdır. Xacə Müfid özünü bilməməzliyə vurub: – Bəlkə əlahəzrətin səhhətini yoxlamaq üçün həkim gətirmək lazımdır? – dedi. Atabəy də cavabında: – Sən haman həkimi mənim yanıma çağırmaq qüdrətinə malik olsaydın, mənə böyük bir yaxşılıq etmiş olardın, lakin elə bilirəm ki, hələlik o həkimin bura çağırılması yersizdir. Bəlkə də tezdir. Otur, xacə Müfid, otur. Xacə Müfid onun nə dediyini çox gözəl anlayırdı, onun həkim deyərkən Qətibəni qəsd etdiyini yaxşı bilirdi. Xacə Müfid əlini döşünə qoyub baş endirdi və kənarda qoyulan bir kürsünün üstündə oturdu. Atabəy xacə Müfiddən soruşdu: – Sən çoxdanmı Əmirin hərəmində xidmət edirsən? – Mən Əmirin sarayına xəlifənin qızı ilə bərabər gəlmişəm, daha doğrusu xəlifə qızına verdiyi cehizlər içərisinə məni də daxil etmişdi. Safiyə xatunu da, onun gözəl qızı Qətibəni də mən böyütmüşəm. – Sən ərəbmisən? – Xeyr, mən ərəb deyiləm, Fərqanə şəhərindən alınmışam. Biz iki qardaş idik. Biz olduqca sağlam, gözəl və nadir təbiətli uşaqlar idik. Bizi Türküstan Əmiri alıb Xəlifə Müstərşidbillahın atası Əhməd ibn Müqtədi Əlmüztəzhərübillaha hədiyyə göndərdi. Biz çox gözəl olduğumuz üçün xəlifə sarayında yüzlərcə hərəm və cariyələr bizi öz ixtiyarına almağa və öz xidmətlərində saxlamağa çalışırdılar. Bizə olan bu rəğbət axırda bizim üçün bir fəlakətə çevrildi. Rəhmətlik xəlifə biz iki qardaşı öz qadınlarına və cariyələrinə qısqandı və bizi kişilikdən məhrum etmək qərarına gəldi. Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür. Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir. Xəlifənin yaxın adamları da bunu məsləhət görmədilər. Dedilər ki, bunları hərəmxanadan çıxarıb başqa bir işə göndərmək lazımdır. Lakin xəlifə bunu qəbul etmədi. Kiçik qardaşım bunu eşidəndən sonra özünü öldürdü, lakin mən bədbəxtdə cəsarət olmadı. Bir neçə ay xəstə yatandan sonra səhhət tapdım, o zamandan bəridir ki, hərəmxanalarda qocalmışam. Əmirin qadınını və qızını böyütmüşəm, lakin qədrimi bilən kimdir?! Atabəy saxta bir ah çəkərək dedi: – Səni anlayıram, yazıq Müfid, dünyanın əziyyətlərindən sənin də payına böyük bir iztirab düşmüşdür. İndi mənə de görüm Əmirin qızı bir adama nişanlanmışdırmı? – Xeyr əlahəzrət, o heç bir kəsə nişanlanmamışdır. – Sən lütfən böyük bir ənam almaq üçün mənim sifarişimi o gözəl qıza yetirə bilməzsənmi? Müfid boynunu çiyninə qoyaraq güldü və dedi: – Mənim heç bir ənama ehtiyacım yoxdur, iqbalım məni ənamları sərf edəcək mənbələrdən məhrum etmişdir. Lakin əlahəzrət, Əmirin vəzirini görüb bu sifarişi ona tapşırsa, bu daha mənfəətli olar. Vəziri əlahəzrətin hüzuruna çağırmaq isə mənim vəzifəmdir. – Elə isə gedib Toxtamışı mənim hüzuruma çağır. Müfid qalxıb başı titrəyə-titrəyə getdi. Atabəy isə öz yatağına uzanıb Əmir İnancla qohum olmağın gələcək nəticələri barəsində düşünürdü. Əvvəla o, xəlifənin nəvəsinə evləndiyi zaman xəlifənin damadı sayılacaqdı. Bu şərəflə də o, xəlifə nüfuzunun bayrağı altında hökumət sürənlərə qarşı üstün gələcəkdi, bəlkə də bu münasibətlə öz məmləkətini genişləndirəcəkdi. İkincisi də, qayınatasının Aranda hakim olması, onun məmləkətinin şimal hüdudunu təmin edəcəkdi. Üçüncü isə Qətibə Şərqin ən məşhur gözəli idi. Belə bir qızı həm gözəlliyi, həm də nəsli, nəcabətilə hər bir hökmdar sevə bilər və evlənməyə can atardı. Xacə Müfid gəlib Toxtamışın hazır olduğunu xəbər verdi. Atabəy onun otağa gəlməsinə icazə verdi. Toxtamış başı titrəyə-titrəyə içəri girdi və baş endirib salam verdi. Atabəy onun salamının cavabını verərək: – Əyləşin ağıllı və qoca vəzir! – dedi. Toxtamış oturdu, lakin onun simasında sezilməyən bir şadlıq əlaməti vardı. Atabəy Müfidin vəzirin qulağına pıçıldadığını və nə üçün çağırıldığını əvvəlcədən ona bildirdiyini anladı və vəzirə sual verdi: – Olmaya xacə Müfid sizə bəzi sözlər pıçıldamışdır? – dedi. Müfid dişlərini ağardıb güldü, Toxtamış isə: – Təəccüb ediləcək heç bir şey yoxdur. Təbiətin qanunu belədir – dedi. – Ay işığını günəşdən almalıdır. Ulduz isə ay ətrafında dolanmalıdır. Əmir cənabları günəşdən işıq alan aydır. Biz nökərlər də ayın ətrafında dolanan ulduzlara bənzəyirik. Xudavəndi-aləm biz zəif olan ulduzları öz ay və öz günəşimizdən ayırmasın. İndi məsələ əlahəzrət üçün aydın oldumu? Hərgah əlahəzrətin bir əmri olsa, mən bu barədə Əmirlə, Əmirin qadını Safiyə xatunla da danışaram. O ki qaldı sahibkara, o barədə Müfidə tapşırıq vermişəm, bütün sifarişlərinizi ona etibar edə bilərsiniz. * * * Atabəylə birinci görüş Atabəy yarım saatdan bəri tək-tənha oturub Qətibəni gözləyirdi. Birinci görüşün intizarı Atabəy üçün bir müharibənin qələbəsini əldə etməkdən də ağır idi. Qətibə Atabəyin görüşünə həddindən artıq bir təxirlə gəldi. Nəhayət, Qətibə gözəl kənizlər və cariyələrin müşayiətilə daxil olub böyük salonun ortasında dayandı. Atabəy bu dayanışın mənasını dərhal anladı, o bildi ki, gözəl qız böyük bir məmləkətin hökmdarını öz ayağına gətirmək istəyir. Atabəy bu fikirlə ayağa qalxdığı vaxt bir an qıza baxıb fikrə getdi, sonra öz-özünə: – Buna layiqdir! – dedi və irəliləyib qızı salamladı. Qətibə başını aşağı salıb durmuşdu. O indi ikinci bir kişi ilə görüşdüyü barəsində düşünürdü. Birinci görüşdüyü ilə o xoşbəxt olmadığı kimi, ikinci görüşdüyü ilə də xoşbəxt ola bilməyəcəyini fikirləşirdi. Kənizlər və cariyələr artıq bir xəyal kimi gözdən yox olmuşdular, salonda Atabəy və Qətibədən başqa heç kəs yox idi; üçüncü adam isə Qətibəni hələ tək buraxmağın qeyri-mümkün olduğunu Atabəyə bildirmək üçün bu pərdənin dalından çıxıb o biri pərdənin dalına keçirdi: bu adam minlərcə bu kimi mənzərələrin tamaşaçısı olan xacə Müfid idi. Atabəy sükutu pozmaq üçün bir neçə qədəm də irəli gəlib Qətibəyə dedi: – Gözəl qız icazə versəydi, xoşbəxt əlini əlimə alardım. – Siz bu əlin xoşbəxt olduğunu haradan bilirsiniz?! – O əlin sahibi xoşbəxt olmasaydı, böyük bir məmləkət yerindən qopub onun ayağına gəlməzdi. – O əl nəyinizə lazımdır?! – Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm. – Mən bilmək istərdim, əlahəzrətin neçə qəlbi vardır. Eşitdiyimə görə, əlahəzrət indiyə qədər qəlbini iki qadına tapşırmışdır. Mən üçüncü olmalıyam. Əcəba, bir nəfər üç qəlbə malik ola bilərmi?! – Xeyr, gözəl qız, mənim bir qəlbim var, onu da bir nəfərə verirəm. Xəlifənin müqəddəs əmmaməsinə and içirəm, qəlbim bir kəsə verilmişdirsə, indi artıq geri alınmışdır. İndi o, gözəl qızın ixtiyarındadır. – Zənnimcə, hələlik bu tezdir. Xüsusən böyük hökmdarlar hər bir işi gördükləri zaman düşünür və səbir ilə iş görürlər. – Xoşbəxtliyi mənimsəmək üçün səbr etmək iqbala qiymət qoymamaqdır. Mən öz iqbalıma inanıram. Tanımadığım bir qızın əlini yox, Əmirin qızının, xəlifənin nəvəsinin, bütün varlığından bir nəcabət oxunan Qətibənin əlini istəyirəm. Qətibə bir az da düşünərək, sual verdi: – Mən bir məsələni aydınlaşdırmaq istərdim, əlahəzrət üçün qadınmı, yainki məmləkətin idarəsi işlərində çalışa bilən bir şərikmi lazımdır? – Sizə and içirəm, Qətibəni öz taxt-tacımın şəriki kimi tanıyacağam. Gözəl qız mənim tacımın qiymətli cavahirini təşkil edəcəkdir. Mən onun iradəsi xaricində heç bir iş görməyəcəyəm. Siz əlinizi məndən əsirgəməyin, mən sizdən heç bir şey əsirgəməyəcəyəm. – Siz mənim babamın tərəfdarlarının əlindən alınan malikanələrin özlərinə qaytarılması üçün heç bir qəti söz deməmişsiniz. Bunun üçün də mən əlimi sizə uzatmağa cürət etmirəm. Çünki kişilər daima qızlarla qarşı-qarşıya durduğu zaman başlarından, canlarından, varlarından keçməyə and içərlər. Lakin bu andlar kişilərin ağıl və etiqadlarından deyil, müvəqqəti hissiyyatından doğur. Lakin mən əlahəzrəti bu saydığım kişilərin cərgəsinə salmaq cəsarətinə malik deyiləm, eyni zamanda öz əlimin qiymətini də əlahəzrət Atabəyə deməkdən çəkinməyəcəyəm. Mən əlimi əlahəzrətə yeddi şərtlə verə biləcəyəm. Onlar bundan ibarətdir: Birinci: Atabəy nə qədər sağdırsa, atam Şimali Azərbaycanın hökumətini idarə edəcəkdir. Atabəy əlini döşünə qoyub dedi: – Gözəl qız, bu təklifə nə kimi etirazım ola bilər?! Mən öz məmləkətimi öz möhtərəm qayınatama tapşırmaqdan boyun qaçıra bilərəmmi?! İkinci şərtiniz nədir, mənim həşəmətli mələkəm? – İkinci şərtim bundan ibarətdir: məni qısqandırmayacaqsınız. – İzah edin görüm, bununla nə demək istəyirsiniz?! – Demək istəyirəm ki, bir neçə qadına evlənməyəcəksiniz. – Sizin gözəlliyinizə and içirəm, qəlbimi heç bir kəsə verməyəcəyəm. – Üçüncü şərtim budur: Şimali Azərbaycan Təbrizə yox, bilavasitə əlahəzrətinə özünə, yəni Həmədana tabe olmalıdır. – Əcəba, Qızıl Arslan sizin atanıza qarşı bir hörmətsizlikmi etmişdirmi? Onunla öz aranızda düşmənçilik yaratmaqdan məqsədiniz nədir?! Hərgah siz Qızıl Arslanın nə qədər aqil, tədbirli, alim, mərhəmətli və əliaçıq bir hökmdar olduğunu bilsəydiniz, yəqin ki bu şərti irəli sürməzdiniz. O ki qaldı Şimali Azərbaycanın bilavasitə Həmədana tabe olması, onsuz da bütün məmləkətlər paytaxtımıza tabe olmalıdır. Gözəl Qətibə bundan əmin ola bilər. – Dördüncü şərtim, Nizami şairə olan hörmətinizə təğyir verməkdən ibarətdir. Çünki haman şair mənim babam Əmirəlmöminin dostu deyildir. – Mən onunla bir kərə görüşdüm, zənnimcə, daha görüşməyəcəyəm. – Beşinci şərtim, mənim atamın şairi Əbül-Ülanı mükafatlandırmaqdan ibarətdir. Ancaq Nizami özü də mükafat verildiyi zaman məclisdə iştirak etməlidir. – Heç bir etirazım yoxdur. – Altıncı şərtim, istədiyim zaman Gəncədə yaşamaq ixtiyarına malik olmaqdır. – Bu da qəbulumdur. – Yeddinci şərtim bundan ibarətdir: Şimali Azərbaycan işlərinə baxıldığı zaman mən də iştirak etməliyəm. Bu göstərdiyim şərtlər Atabəy tərəfindən qəbul olunarsa, mən əlimi də, qəlbimi də əlahəzrətin sərəncamına verməyə hazıram. Atabəy qızın göstərdiyi şərtlərin heç birisini rədd edə bilmədi, çünki o, öz qarşısında yalnız sadə bir gözəl deyil, nadir bir möcüzə durduğunu hiss edirdi. Qətibənin parlaq alnına tökülən səkinəvi qara tellər və tellərin üzərinə taxılmış brilyantlı ay-ulduz salonda yanmaqda olan yüzlərcə şamların işığını gözəl qızın çöhrəsində cəm edirdi. Qətibə özünü düzəldərək bütün gözəlliyini Atabəyin qarşısında nümayiş etdirirdi. Atabəy özünü unudaraq ağzından bu sözləri çıxardı: – Hamısını qəbul edirəm! Sözüm yoxdur, mənim mələkəm! Qətibə əlini Atabəyin əlinə uzadırkən, Atabəyin titrək dodaqları da Qətibənin dodaqlarına tərəf uzanırdı. Xacə Müfid pərdənin dalından öskürə-öskürə çıxdığı zaman əlahəzrət Atabəyin dodaqları Qətibənin dodaqlarından ayrıldı. Yarım saatdan sonra Gəncə qazisi ilə Gəncə xətibinin salona daxil olması, onların vaxt ikən xeyir işi başlamaq üçün saraya dəvət olunduqlarını məlum edirdi. Gecə saat birin yarısında, nişan rəsmi bitdi. Qətibənin barmağına Şərqin ən qiymətli cavahirini daşıyan bir üzük taxıldı, kəbin siğəsi oxundu, sonra da şam süfrəsinin başına keçdilər. * * * Toy Atabəyin Qətibəyə evlənməsi məmləkətin hər tərəfinə xəbər verilmişdi. Buna görə də bu şənliyi təbrik etmək və toy ziyafətində iştirak eləmək üçün hər tərəfdən nümayəndələr gəlmişdi. Birinci heyət Soltan Toğrulun tərəfindən gəlmişdi. Atabəyin özü isə Qızıl Arslandan heyət gözləyirdi. Qızıl Arslanın nə təbrik məktubu, nə də heyət göndərməməsindən kədərlənir və düşünürdü. O, Qızıl Arslanın bu izdivacdan razı qalmayaraq toya düşmən gözü ilə baxmasından qorxurdu. Çünki Qızıl Arslan məmləkətin idarəsi işində Toğrul kimi laqeyd deyildi. O, hansı məmləkəti idarə edərsə, orada asayiş və intizam olmalı idi. Qızıl Arslanın etinasızlığından Atabəy Məhəmməd nə qədər kədərlənirsə, onun gənc mələkəsi Qətibə bir o qədər sevinirdi. Çünki Qətibə Nizami ilə dostluq əlaqəsi bəsləyən bu hökmdarı görmək istəmirdi. Qətibə, bu ixtilaf nəticəsində Qızıl Arslanın Azərbaycan hökumətindən götürüləcəyi və bununla da atasının Şimali Azərbaycan hökumətində yaşaya biləcəyini zənn edirdi. Bunun üçün Qətibə daima Atabəy Məhəmmədi gördüyü zaman deyirdi: – Qaynım mənim bu xoşbəxtliyimə dostanə bir nəzərlə baxmaq istəmədi. Bilmirəm, bəlkə də mən Eldəniz xanədanının şərəfi üçün bir ləkə hesab olunurmuşam? Qətibənin bu sözlərinə Atabəy Məhəmməd təskinedici cavablar verirdi. Lakin o, qəlbində yenə də Qızıl Arslanın bu işdən narazı qaldığını təyin edirdi. Çünki Atabəy Məhəmməd izdivac haqqında qardaşına göndərdiyi məktuba da cavab almamışdı. O, məktubunda bu izdivacın siyasi əhəmiyyətini qeyd etmişdisə də, lakin Qızıl Arslan bu əhəmiyyətə tamamilə mənfi bir nəzərlə baxırdı. O bilirdi ki, Atabəy Məhəmmədin bu izdivacı, Şimali Azərbaycanı təzədən qurmaq işinə və xəlifə nüfuzunun aradan qaldırılması məsələsinə əngəl törədəcəkdir. Qızıl Arslan bilirdi ki, xilafət məsələsi öz əhəmiyyətini itirdiyi bir zamanda, xəlifə ilə qohum olmağın heç bir siyasi əhəmiyyəti ola bilməz. Lakin, Atabəy Məhəmməd böyük qardaşı olduğu üçün Qızıl Arslan onu bu izdivacdan çəkindirməyə cəsarət etmədi, vaxt da keçmişdi, çünki bu izdivacın xəbəri kəbin kəsiləndən sonra Qızıl Arslana verilmişdi. Atabəy Məhəmməd Qızıl Arslana bu izdivacın siyasi əhəmiyyəti barəsində məktub göndərdiyi günlərdə, Nizami də Qızıl Arslana bir məktub göndərmiş və bu izdivacın siyasi bir əhəmiyyətə deyil, siyasi bir pozğunluğa səbəb olacağını qeyd etmişdi. Nizami məktubunda Azərbaycan üçün təzə bir bədbəxtlik üz verəcəyini qeyd etmiş və Qızıl Arslanın ehtiyatla hərəkət etməsini lazım bilmişdi. Nizaminin dostanə nəsihətlərini nəzərə alaraq Qızıl Arslan qardaşına bir təbrik məktubu ilə bərabər, təzə mələkə üçün də bir cüt quş yumurtası böyüklüyündə zümrüd sırğaları hədiyyə göndərmişdi. Qızıl Arslan təbrik heyətini hədiyyə ilə bərabər göndərdiyi zaman, Nizamiyə də bir məktub yazıb ondan heyətin sədrliyini öhdəsinə götürməyi və öz tərəfindən Atabəy Məhəmmədi və mələkəni təbrik etməyi rica etmişdi. Lakin təsadüfi olaraq Azərbaycanda şiddətli yağışlar yağdığı və Naxçıvanlı Ziyadilmülk tərəfindən qayırılmış körpünün su altında qalması nəticəsində Qızıl Arslanın göndərdiyi heyət lazımi vaxtında Gəncəyə yetişə bilməmişdi. Toy ziyafəti başlanmışdı. Gürcüstan, Şirvan, Xarəzmşah, Qazan xan, Qara xatay məmləkətləri tərəfindən göndərilən nümayəndələr hamısı vaxt ikən təyin olunmuş kürsülərdə oturmuşdu. Lakin Atabəyin sağ tərəfində qoyulan kürsülər boş idi. Onlar Atabəy Məhəmmədi, Qızıl Arslan əleyhinə hazırlamaq üçün Əmirin tapşırığı ilə boş buraxılmışdı. Sağ tərəfdə boş qalan kürsülər, Atabəy Məhəmmədin sağ əli olan Qızıl Arslanın etinasızlığını elan etmək demək idi. Boş kürsülərin dalında vurulmuş xalçanın üzərində “Azərbaycan nümayəndələri” yazılmışdı. Atabəy Məhəmməd Azərbaycan nümayəndələrinin kürsülərini boş gördüyü zaman Qızıl Arslanın bu cürətinə qarşı o qədər qəzəbləndi ki, qəlbi partlamaq dərəcəsinə gəldi. Musiqinin və xanəndənin səsi, qarşısında fırlanan zərif əndamlı rəqqasələr onun acığını daha da artırırdı. Atabəy qəlbində öz-özünə deyirdi: “Yox, artıq qardaşımla müştərək iş aparmaq imkan xaricində qaldı. Toy bitən kimi İraq, Rey və Fars qoşunlarını götürüb Azərbaycan üzərinə yürüyəcəyəm. Azərbaycanda hökumət təbəddülatı yaratmamış qəlbim sakit olmayacaqdır”. Əmir, Atabəyə göz qoymuşdu. O, məqsədə nail olduğunu zənn edərək, qəlbində başqa bir toyun nəşələri ilə əylənirdi. Eyni zamanda qızı Qətibə də Azərbaycan nümayəndələrinin gəlib-gəlməməsini yoxlamaq üçün öz adamları vasitəsilə tez-tez salonunu öyrənirdi, o da özünü qalib hesab edərək, məşşatənin əlindən qurtularaq anasını öpürdü. Toy məclisinin vəziyyəti birdən-birə dəyişdi. Xidmətçi salona daxil olub ərz etdi: – Cənubi Azərbaycandan və Şimali Azərbaycandan göndərilmiş heyət gəldi. Atabəy şadlığından oturduğu taxtın üzərindən qalxdı, onun başında qaynaşan qara fikirlər, qəlbini sıxan ağır duyğular bir anda dağılıb getdi. Heyətin gəlməsi Atabəy üçün ikinci bir bayram oldu. Atabəy və Əmir İnancın gözləmədiyi bir halda, qabaqca böyük şair Nizami, onun dalınca Qızıl Arslanın vəziri Şəmsəddin heyət üzvlərilə bərabər toy məclisinə daxil oldular. Şəmsəddin irəli gəlib baş endirdi və Qızıl Arslanın məktubunu təqdim etdi. Atabəy məktubda Cənubi və Şimali Azərbaycandan təbrik üçün vəkil edilmiş heyətin siyahısını oxuyandan sonra şad bir çöhrə ilə Nizamiyə tərəf baxıb dedi: – Möhtərəm sədr, buyurub öz yerinizdə oturun! Nizami və Şəmsəddin Atabəy Məhəmmədin sağ tərəfində, heyət üzvləri isə başqa kürsülərdə yer tutdular. Atabəy Məhəmməd heyət üzvlərinə müraciətlə: – Mənim bu xoşbəxt günümü təbrik etmək üçün xoş gəlib səfa gətiribsiniz, – dedi və məclisə xitabla əlavə etdi: – Qardaşım Qızıl Arslan mənim bu xoşbəxtlik bayramımı təbrik üçün göndərdiyi heyətə böyük şair Nizamini sədr təyin etmişdir. Bu təyin, mənim üçün üçüncü bir xoşbəxtliyi təşkil edir. Bu vəzifəni iltifatla öhdəsinə götürmüş olan şairə təşəkkürlər edirəm. Bu xəbər toy ziyafəti salonunda nə qədər şadlığa səbəb oldu isə bəzək otağında da o qədər həyəcan və heyrətə səbəb oldu. Qətibə bu xəbəri alan kimi saçlarını məşşatələrin əlindən alaraq iki əlləri ilə qarmaqarışıq etdi, üstündəki zinətləri dartıb qırdı, qarşısında içi qiymətli daşlar, cıqqalar, gərbəndlər, xalxallar, şəddə-şəddə incilər qoyulan gümüş tabağı götürüb xalçaların üzərinə səpdi, məşşatələrin əllərindəki ətir şüşələrini alıb otağın aynalı divarına çırpıb sındırdı. Saçlarının üstünə vurulmuş almaz cıqqanı çıxarıb bir tərəfə atdı, zinət verən qadınların hər birisini bir tərəfə itələyib öz yataq otağına qaçdı, üzü üstündə yatağına yıxılıb ağlamağa başladı. Vaxt keçirdi, bir saatdan sonra yengələr onu Atabəyin otağına aparmalı idi. Xacə Müfid toy salonuna girib Əmirin qulağına nə isə pıçıldadı, Əmir qonaqlara hiss etdirmədən qalxıb getdi. Bir tərəfdən Əmir, o biri tərəfdən də Safiyə xatun Qətibəni sakit edərək deyirdilər: – Birinci gündən bu cür şıltaqlıq etmiş olsan, öz ərinin məhəbbətini itirə bilərsən. Əvvəlcə onu öyrənməlisən, o nəyi sevirsə o cür hərəkət etməlisən. Bir çox ərlər vardır ki, şıltaqçı qadını sevməz, bir çox ərlər də vardır ki, qadın şıltaqlığından nəşələnərlər. Hələlik Atabəyi öyrənmədən şıltaqlıq etsən, rüsvayçılığa səbəb ola bilərsən. Madam ki, Atabəy səni “mələkəm” deyə adlandırır, o zaman sən hər bir şeyi tədrici olaraq həyata keçirə bilərsən. Qətibəni sakit edərək yatağından qaldırdılar. Ata və ana ona nəsihət verə-verə gətirib məşşatələrin sərəncamına verdilər. Toy məclisindəki şadlıq davam edirdi, Atabəy Məhəmməd, Qızıl Arslan göndərən məktubu oxumaq üçün öz katibi Polada verdi. Polad ayağa qalxaraq məktubu oxumaq istərkən, bunu Qətibəyə xəbər verdilər, qız yenə məşşatə qadınların əlindən çıxıb, ziyafət salonundakı pərdələrin dalına qaçdı və məktuba qulaq asmağa başladı. Polad məktubu oxudu: “Əlahəzrətin izdivac xəbəri Cənubi Azərbaycan xalqının milli bayramı şəklini aldı. Şəhərlər, kəndlər xalq nəğmələri və musiqi tərənnümləri altında bayram edir, bazarlar, çarsular bəzənmiş və çırağbanlıq nəticəsində qaranlıq gecələr gündüz kimi işıqlanmışdır. Eldəniz xanədanının nəcib nəslinin davamına zəminə qoyan bu izdivac, bir tərəfdən də bizi Əmirəlmöminin ailəsinin şərəfilə əlaqələndirir. Yeddi gün, yeddi gecədir ki, bütün Təbriz xalqı bayram edir. Bütün məscidlərdə Təbriz fəqirlərinə ehsan paylanır. Xalq əlahəzrət Atabəyin və onun həşəmətli mələkəsinin ömrünə, dövlətinə dua edir. Çox təəssüf edirəm ki, şəxsən Atabəy və onun mələkəsini bu böyük şadlıq münasibətilə yaxından təbrik etmək səadətinə nail ola bilmədim. Buna görə də səmimi hisslərimi ülya və əlahəzrətə yaxından təqdim etmək vəkalətini böyük şairimiz Nizamiyə həvalə etdim və göndərdiyim kiçik hədiyyəni gənc mələkəyə öz əli ilə təqdim etməsini tapşırdım. Kiçik qardaşınız Qızıl Arslan”. Atabəy Məhəmməd məktubun məzmunundan o qədər şad idi ki, yerə-göyə sığa bilmirdi. O bir saat əvvəl Qızıl Arslan haqqında düşündüklərinin əksini düşünür və öz-özünə deyirdi: – Həm tədbirli, elmli, ədəbli, siyasətşünas bir hökmdar, həm də məhəbbətli və istəkli bir qardaşdır. Qətibə də pərdənin dalında durub məktubu dinləmişdi. O indi Qızıl Arslan haqqında bəslədiyi nifrətin azaldığını hiss edirdisə də, lakin onun Nizamini heyət sədri təyin etməsindən razı qala bilmirdi. İndi Qətibəyə təsəlli verəcək yalnız bu idi ki, onun tapşırığına görə Atabəy Məhəmməd Nizaminin qarşısında Əbül-Ülanı qiymətli bir xələtlə mükafatlandıracaq və keçmiş ziyafətdə xətibi təhqir edən Məhsəti xanım bu ziyafətdə təhqir ediləcəkdi. Qətibə pərdənin dalında durduğu müddətdə bu şadlıqla qanadlanıb uca aləmlərə uçurdu. Lakin birdən Qətibənin yüksəklərdə çırpınan qanadları hərəkətsiz qaldı. Məhsəti xanım ziyafətə daxil olan zaman, vaxt ikən düşünülmüş tədbirlər tamamilə əhəmiyyətdən düşdü. Əmirin və Atabəyin tapşırığına görə Məhsəti xanım məclisə girdiyi zaman ona hörmət göstərməyəcək və yer verilməyəcəkdi. Lakin Məhsəti xanım ziyafət salonunun qapısında görünərkən, dərhal Nizami ayağa qalxıb onu istiqbal etdi. Nizaminin dalınca Qızıl Arslanın vəziri Şəmsəddin, Cənubi və Şimali Azərbaycan heyəti yerindən qalxdı. Buna görə də Azərbaycan heyətinə hörmət üçün bütün qonşu hökumətlərdən gələn heyətlər ayağa qalxdı və hamısı bir səslə sənətkar şairəni salamladı. Şübhə oyandırmamaq üçün Əbül-Üla və Gəncə xətibi də yerlərindən qalxmalı oldular. Bu qədər böyük bir ehtiram Atabəyə qarşı bir nümayiş şəkli olmasın deyə, Atabəy ayağa qalxıb Məhsəti xanıma tərəf irəlilədi və onun əlini öpəndən sonra qolundan tutub sol tərəfində əyləşdirdi. Qətibə pərdə dalından baxarkən, yenə də Atabəyin bir tərəfində Nizami və o biri tərəfində Məhsəti xanımı görüb əvvəlki oyunlarına başladı. Şıltaq və məğrur qız yenə də acığını zümrüdlərin, zəbərcədlərin, yaqutların, incilərin, almazların üzərinə tökdü. Boynundan qırıb havaya atdığı incilər insan yağışının damcıları kimi otağın tavanından məşşatələrin və cariyələrin başına töküldü. Yüzlərcə şam işıqlarında bərq vuraraq, tavana dəyib, sonra aşağıya, ipək xalçaların üzərinə tökülən bu brilyantlar yerindən qopub fəzalarda fırlanan ulduzları andırırdı. Boynundan qırıb tulladığı qırmızı yaqutlar təzə gəlinin qürur və hirslə qızarmış çöhrəsindən rəng alırdı. Ziyafət salonunda hamının nəzərini cəlb edən bir şey varsa, o da hamının öz yerində oturduğu zaman qazi, xətib və Əbül-Ülanın hələ də ayaq üstündə durmaları idi. Sanki ziyafət salonu mühüm bir hadisə qarşısında durmuşdu. Məclisdə toy mərasiminin bütün ənənələri həyata keçirilmişdi. Mərasimdə yetişməyən bir şey varsa, o da gənc mələkənin salona gəlməsi və Atabəylə birlikdə ətrafdan gələn heyətləri qəbul etməsindən ibarət idi. Lakin mələkənin gəlməsi çox uzun çəkdi, çünki hələlik onu adi halına gətirmək mümkün olmamışdı. Çox təxirdən sonra mələkə yüzlərcə gözəl cariyələrin müşayiəti və musiqi tərənnümləri altında salona daxil oldu. Atabəy ayağa qalxıb mələkəyə yaxınlaşdı. Onun əlindən öpüb qolundan tutdu, yanında qoyulan kürsünün üstündə əyləşdirdi. Bir tərəfdə Səba xanım, o biri tərəfdə cariyələrdən Tuba xanım gənc mələkənin başı üstündə durub yelpazə çəkirdilər. Heyət üzvləri bir-bir ayağa qalxıb Atabəyi və mələkəni təbrik etdilər. Nəhayət, Əbül-Üla ayağa qalxıb toya ithaf etdiyi şeri oxumaq istədikdə Atabəy əli ilə işarə edib Əbül-Ülanı dayandırdı, halbuki Atabəyin özü onun şeir oxumasına və sonra da xələt almasına razılıq vermişdi. Qətibənin bu vəziyyətdən halı dəyişdi və bu dəqiqədən etibarən təzə ailədə gələcəkdə baş verəcək böyük faciələrin zəminəsi qoyuldu. Qətibə Atabəydə gördüyü bu dönüşün intiqamını almağa həmən ziyafətdə and içdi. Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı qoyulan sui-qəsdin müqəddiməsi başlandı. Təbriklər davam edirdi. Qətibənin isə gözü Nizamidə idi. Qızın gözündə başqa bir aləm təcəssüm edirdi: gah meşənin ağacları arxasında gizlənib şairin şerlərini dinləyir, gah da böyrü üstə yıxılmış söyüd kötüyünün üstündə oturub eşq-məhəbbət dastanlarını əzbərləyirdi. Sonra birdən o, şairin son sözünü xatırlayır və qəlbi qəzəblə alışırdı: – “Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmaq lazımdır...” O zaman Qətibə Nizaminin nə cür ağır əzablarla məhv ediləcəyi haqqında dərin fikirlərə dalırdı. Gah onu dara çəkdirib özü də dar ağacı altında saçları ağarıncaya qədər ağlayırdı; gah da onu doğratdırıb son nəfəsində şairin başını dizi üstünə alır, qara saçlarını onun yaralı sinəsinə dağıdırdı; gah da onun qəlbini iti bir oxla deşdirib demək istəyirdi: “Mənim məhəbbətim üçün çırpınmayan ürəklərin hərəkət etməyə ixtiyarı yoxdur. Mən yaşamayan ürəkdə başqaları da yaşamamalıdır”. Lakin Qətibə bu fikirlərindən sürətlə geri çəkilərək öz-özünə lənət edir və deyirdi: “Əcəba, sən öz məhəbbətin üçün dünyalara işıq verən, şeirlər, incəliklər və bədii zövqlərlə dolun olan bir qəlbi məhv etmək ixtiyarına maliksənmi?!” Mələkəni və Atabəyi təbrik etmək növbəti Gəncə xətibinə yetişdi. O, ərəbcə çox qəliz bir nitq deyərək, bu izdivacın Ayla Günəşin birləşməsi kimi nəticə verə biləcəyini qeyd etdi. Atabəy bu nitqdən o qədər də razı qalmadı. Əvvəla, ziyafət salonunda oturanların əksəri azəri olduğundan, burada ərəbcə nitq söyləmək yerli dilə əhəmiyyət verməmək və burada ərəb hakimiyyəti nüfuzunun davam etdiyini göstərmək kimi idi. Atabəy buna görə də xətibə təşəkkür və iltifat göstərmədi. Təbrik növbəti Azərbaycan heyətinə yetişərkən Nizami yerindən qalxdı. Şairin çıxışı ilə hər kəsdən artıq Qətibə maraqlanırdı, çünki o bu səsi son kərə eşidəcəkdi. Bir daha o, illər uzunu həsrətini çəkdiyi gənc şairlə bir məclisdə otura bilmək imkanına malik ola bilməyəcəkdi. Atabəy, mələkə və bütün heyət üzvləri, hətta Əmir və onun hiyləgər veziri Toxtamış da, Əbül-Üla və Gəncə ruhaniləri də Nizaminin nə demək istədiyilə maraqlanırdılar. Şair nitqini belə başladı: – Altıncı əsr hicrinin ikinci yarısında, Şərqin üfüqlərində iki hadisə baş verdi. Bütün Yaxın Şərq məmləkətlərinə işıq salmış böyük bir ulduz kürəsindən qopub düşdü, onun yerində başqa bir işıqlı ulduz parlamağa başladı. Tarix səlcuq xanədanı əzəmətinə dair açdığı səhifələrini bükdü, Nizamülmülk “Siyasətnamə”sinin son vərəqini yazıb bitirdikdən sonra, sizin qarşınızda duran Nizami tarixin yeni səhifəsini yazmağa başladı. Yuxarıda göstədiyim hadisələr, ali-səlcuqun süqutu, onun yerində gənc Eldəniz xanədanının siyasət səhnəsində baş qaldırması hadisələrdən ibarət idi. Mən bugünkü izdivacın Ay kürəsilə günəş kürəsinin bir-birinə qovuşması kimi nəticə verməsinə tərəfdar deyiləm. Bu təşbeh nə qədər gurultulu bir təşbeh olsa da nəticəsi bir xoşbəxtliyi doğura bilməz, çünki Ayla Günəş kürəsinin bir-birinə təsadüf etməsi kürələrdən birisinin dağılması ilə nəticələnə bilər. Atabəy, Nizaminin bu sözündə yerindən qalxdı: – Əhsən şairə! – deyərək, sonra yenə də öz yerində oturdu. Nizami isə sözünü davam etdirdi: – Buna görə də mən Ayla Günəşin yaxınlaşmasına tamamilə başqa bir məna verməklə deyirəm: Ayın Günəşdən işıq alması nəticəsində, Azərbaycanın illərdən bəri kölgələrdə buraxılan üfüqləri işıqlanacaq və iki qəlbin ailə təşkil etməsi nəticəsində də Cənubi və Şimali Azərbaycan xalqı bir ailə kimi yenidən təşkil olunacaqdır. Bu gün bütün Şərq xalqları, Ayla Günəşin bu ailəvi dostluğu hadisəsindən Şərqdə yaşayan bütün millətlərin dostluğu nəticəsini gözləyir. Mən ümid edirəm ki, bu böyük və tarixi ziyafətdə ülya və əlahəzrət yaxın Şərq xalqlarının bu istəklərinə kömək etmək üçün söz verəcəklər. Ancaq bununla da iş birliyi, söz birliyi və fikir birliyi yaradıla biləcəkdir. Ölkələrin xoşbəxtliyi naminə, ülya və əlahəzrətin bugünkü xoşbəxtliyini təbrik edirəm, Azərbaycan valisi Qızıl Arslan həzrətlərinin bu qiymətli təbrikini ülya və əlahəzrətlərə təqdim etmək səadətinə nail olduğum üçün özümü xoşbəxt hesab etməkdəyəm. Nizami sözünü bitirdikdən sonra Qızıl Arslanın vəziri Şəmsəddin əlində qızıl bir tabaq olduğu halda ayağa qalxdı, Nizami tabaqdan zümrüd sırğaları götürüb Qətibəyə yaxınlaşaraq dedi: – Qızıl Arslan həzrətləri ülyahəzrət gənc mələkəyə bir cüt sırğa hədiyyə göndərmişdir. Sırğa göndərməkdən yeganə məqsəd bundan ibarətdir: “Nə qədər ki, bu sırğalar ülyahəzrət mələkənin qulağındadır, Azərbaycan əhalisinin istək və arzuları da onun qulağında daimi olaraq səslənməlidir”. Nizaminin nitqi salondakılar tərəfindən afərin və əhsən səsləri ilə qarşılandı. Nizami sırğaları Qətibənin əlinə tapşırdığı zaman Qətibə ayağa qalxdı və üzünü Nizami tərəfə çevirib dedi: – Azərbaycan xalqı tərəfindən hədiyyə göndərilən bu sırğaları qəbul edirəm və söz verirəm: “Azərbaycan xalqının istək və arzularını bu sırğalar kimi qulağımda daşıyacaq və onlara məhəbbət bəsləyəcəyəm”. Möhtərəm şair, səndən rica edirəm ki, mənim səmimi salamımı Qızıl Arslana yetirəsən. Sənin özündən də razıyam. Səsin daima qulağımda qalacaq və bununla da mən fəxr edəcəyəm! Qətibə bunu deyərək şiddətlə ağladı. Ziyafət salonundakıların hamısını heyrətə saldı, çünki onlar bu ağlamağın səbəbini bilmirdilər. Bunun səbəbini bilənlər bir şairin özü, bir də Qətibənin sirlərinə məhrəm olan Səba xanım ilə xacə Müfid idi. Bir çoxları da elə düşünürdü ki, Qətibə Atabəy Məhəmmədi sevmədiyi üçün ağlayır. – Qız şadlığından ağlayır, – deyə düşünənlər də var idi. Lakin bunların hamısı əsilsiz idi. Qətibə öz xoşbəxtliyinin unudulmaz bir ümidsizlik üzərində qurulduğuna ağlayırdı. Gecə saat bir idi, yengələrlə xacə Müfid Atabəylə Qətibənin otağının dəhlizində gəzib Əmirin qadını Safiyə xatuna xoş bir xəbər aparmaq istəyirdilər. * * * Sevgi məktubları Qətibənin qəlbi köhnə sevgilisi Hüsaməddindən əmin deyildi. Çünki Əmir Hüsaməddinə illərdən bəri vədlər verib, “Qətibə səninkidir” – demişdi. İndi Qətibə Atabəy Məhəmmədə ərə veriləndən sonra, Hüsaməddin aldandığını görərək Əmir İnanca ədavət bəsləyirdi, neçə gündü ki, o, saray ətrafında belə görükmürdü. Qətibə bu işin intiqamsız həll olunmayacağını yəqin etmişdi. Çünki Hüsaməddinin inadlı olduğunu bilirdi və onun son kərə dediyi “Mənim olmasan da, heç bir kəsin də olmayacaqsan!” sözlərini yadından çıxarmamışdı. Buna görə də o, Hüsaməddini görmək, onun qəlbini ələ gətirmək və aldatmağı düşünürdü. O, Səbanı yanına çağırıb: – Sənə bir iş tapşıracağam, – dedi. – Onu yerbəyer edə bilərsənmi? Səba xanım Qətibənin bu sözündən şadlandı, çünki o, macərasız yaşamağı bacarmırdı, saçları kəsiləndən sonra isə ona heç bir vəzifə tapşırılmamışdı. Buna görə də sevinərək: – Nə kimi bir vəzifə tapşıracaqsan? – deyə sual verdi. Qətibə ona öz qəlbini açıb dedi: – İndi artıq mənim nə qədər böyük bir mərtəbəyə nail olduğumu bilirsən. Mən sənin üçün hər bir şey edə bilərəm. Səni göylərə qaldırmağı da, məzara gömməyi də bacararam. Sən mənim anama qarşı böyük bir xəyanət etdin, atamın sərxoşluğundan istifadə edib şərəfləndin. Özün bilirsən ki, mən buradan çıxıb Həmədana gedəndən sonra sənin sarayda yaşamağın mümkün olmayacaqdır. Lakin əgər sən bir neçə günün içərisində özünü yaxşı aparsan, göstərdiyim vəzifələri yaxşı yerinə yetirə bilsən, mən səni özüm ilə bərabər Həmədana aparıb öz sarayımda yaşadacağam. Səba xanım sevindiyindən ağladı, qalxıb Qətibənin əlindən öpdü və dedi: – Mən nə zaman həşəmətli mələkənin sözündən çıxmışam ki, bu gün də cəsarət edib onun tapşırdığı vəzifədə səhlənkarlıq edə biləm? – Sənin bacarığını bilməmiş deyiləm. Sənin əsas nöqsanın burasındadır ki, sənə tapşırılan vəzifəyə öz məqsədini də əlavə edirsən. Bundan sonra bu barədə mənə and içməlisən. Öz məqsədini tamamilə kənara ataraq tapşırdığım vəzifə ilə məşğul olacaqsan. Sən Fəxrəddin ilə başladığın oyunda öz məqsədini irəli sürməsəydin, çoxdan Fəxrəddin saray həbsxanasında məhv edilmişdi. Bunların hamısı keçibdir. İndi doğrusunu de görüm, sən Hüsaməddinlə əlaqədə olmuşsanmı? – Əlaqədə olmuşam, lakin bir qadın kimi yox. Onu Əbül-Ülanın qızı Mahtab ilə tanış etmək üçün əlaqə düzəltmişdim. – Bunu Mahtab özü bilirdimi? – Mahtab bu barədə heç bir şey bilmirdi, Hüsaməddin onu sevirdi, mən ondan sevgi məktubları alırdım, hamısını gizlətdikdən sonra özüm Mahtabın tərəfindən cavabını yazıb ona aparırdım. Yalnız Hüsaməddin deyildi, onun kimi bir neçəsi də mənim əlimdə oyuncaq idi. – Sən bunu nə üçün edirdin? – Əvvəla, mən kişiləri aldatmaqdan maraqlanıram, onların sevgi məktublarını oxumaq mənə hər şeydən çox nəşə verir. İkincisi də budur ki, mən bu oyunu müftə-müftəsinə oynamırdım. Mahtab xanımın adına aldığım hədiyyələr mənim zəhmət haqqım idi. Qətibə güldü: – Sənə yaxşı ad qoymuşam, dünyanın şeytanısan. Səni burada yetim qoyub gedəsi deyiləm. Ancaq şərtim budur ki, mənimlə Hüsaməddini görüşdürməlisən. Çünki o məndən incimişdir. Atabəylə olan bu izdivac onun ruhuna toxunmuşdur. Onu görmək və qəlbini ələ almaq lazımdır. Sən bilirsən ki, atam məni ona vədə vermişdi. Buna görə də o, atama qarşı intiqam hissi bəsləyə bilər. Məni anladınmı? Səba xanım sevinərək dedi: – Çox pakizə, çox da gözəl bir surətdə anladım, xanımı bu barədə təbrik edirəm, çünki ülyahəzrətin mənə tapşırmaq istədiyi vəzifəyə mən on gün bundan qabaq başlamışam. Qətibə təəccüblə soruşdu: – On gün bundan qabaq?! – Bəli, düz on gün bundan qabaq. – Əcəba, bu vəzifəni sənə kim tapşırmışdı?! – Mənim sevgi macəralarına olan rəğbət və marağım. – Ax şeytan qız, sənin bu nəyinə lazım idi? – Bu macəra mənə həm mənəvi, həm də maddi cəhətdən mənfəət verəcəkdi. Mən bundan istifadə etməmiş yaşaya bilərdimmi?! Yoxsul bir şairi sevən və dövlətli bir sərkərdə tərəfindən sevilən qızın bir məmləkətin hökmdarına ərə getməsi ən maraqlı bir hadisədir. Əcəba, mən bu qədər əlverişli hadisəyə soyuqqanlılıqla baxa bilərdimmi?! İşə başlamağımın səbəbi budur. Əlbəttə, ülyahəzrətin adına Hüsaməddindən ən qiymətli şeylər, nə də qızıl istəyə bilməzdim. Lakin məktub gətirib, məktub aparmaq isə Hüsaməddin kimi adamlar üçün ucuz başa gəlməzdi, hər məktubu gətirib cavabını aparmaq üçün on qızıl lazımdır. – İndiyə qədər Hüsaməddindən neçə qızıl almısan? – Yüz qızıl almışam. – Demək ki, on kərə məktub gətirib cavabını aparmısan. Cavabını kim yazıbdır? – Ülyahəzrət yazmamışsa, onun həqir kənizi Səba yazmışdır. Pis də yazmamışam. Məktubları və məktubların cavabını sənə göstərə bilərəm. – Hazırda bu yazışmalar nə vəziyyətdədir? – Vəziyyət son mərhələyə çatmışdır. Hazırda müzakirə sizinlə Hüsaməddinin görüşməniz üzərində gedir. Bilmirəm, ülyahəzrət buna razılıq verəcəkdirmi?! – Mən özüm sənə elə bu vəzifəni tapşıracaqdım. İndi ki, sən bu işə başlamısan, onda gətirdiyin məktubları və yazdığın cavabları mənə verməlisən, çünki mənim onlarla tanış olmağım lazımdır. Sonra Hüsaməddinin Mahtab xanıma göndərdiyi sevgi məktublarını da mənə gətirməlisən, çünki o mənə sevgi elan etdiyi zaman Mahtab xanıma da sevgi məktubları yazırmış, bu gözəl bir vəsiqədir, mən ancaq bununla Hüsaməddini sakit edə bilərəm. Səba xanım əllərini bir-birinə vuraraq güldü və dedi: – Söz yoxdur ki, ülyahəzrət mənim bu zəhmətlərimi mükafatsız buraxmayacaqdır! Qətibə onun nə demək istədiyini anladı və əlini yanındakı sandığa salıb yüz qızıl dirhəm Səbanın qabağına qoydu və dedi: – Sənin böyük zəhmətlərin böyük bir mükafatla qarşılanacaqdır. Hələlik bu qızılları ad və tez səndən istədiyim məktubları mənə gətir. Səba xanım qalxıb sevinə-sevinə otaqdan çıxdı, Qətibə isə oturub düşünürdü: – Kim bilir bu şeytan balası cariyə mənim özümü nə qədər adamın arasında alış-verişə qoyub pul qazanıbdır?! Qoy olsun, mənim sarayım üçün belə bir bacarıqlı cariyə günəş və su kimi vacibdir. Mən indi bildim ki, hökmdara ərə getmək adi bir adama ərə getmək kimi deyildir, sən onun həm qadınısan, həm də rəiyyətisən. Bütün bu zinətlər, bu qiymətli daşlar isə sənin üçün yalnız çəkilməz bir yükdür. Mən indi bildim ki, hökmdarların məhəbbəti daimi məhəbbət deyildir. O, birinci günlər dodaqlarımı dodaqlarından buraxmadığı halda, indi iki həftədir ki, mənim alnımdan belə öpməmişdir. Qadın hökmdarlar üçün bir gecəliyə lazımdır, o da uşaq doğurmaq məqsədilədir. Görünür, bu yaşayış daimi olmayacaqdır. Bunun üçün mən ətrafıma lazımlı və iş bacaran adamlar yığmalıyam, Hüsaməddin və Səba xanım Həmədanda mənə lazım olacaqlar. Qətibə bunları düşünürkən Səba xanım əlində bir bağlama otağa daxil oldu, bağlamanı yerə qoyub içindən iki parça kağız götürdü, onlardan birisini Mahtab xanım Hüsaməddinə, o birisini isə Hüsaməddin Mahtaba yazırdı. Səba xanım Mahtabın dilindən Hüsaməddinə düzəltdiyi məktubunda yazırdı: “Möhtərəm Hüsaməddin! Bir qızın sənin kimi bir qəhrəmanla tanış olmaqdan böyük bir arzusu ola bilərmi? Mən çoxdan bəridir ki, bu arzudayam, lakin səninlə bilavasitə görüşmək istəyirəm. Nəhayət, cariyəmlə sənə bir məktub göndərməyə cəsarət etdim. Hərgah Mahtabın bu arzularına rəğbət bəsləyirsənsə, məktubun cavabını yazıb Səba xanıma ver. Səni qanı ilə, vicdanı ilə sevən Mahtab”. Qətibə başını bulayaraq dedi: – Mənə lazım olan Hüsaməddinin Mahtaba göndərdiyi məktubdur. Onu mənim üçün oxu! Səba xanım Hüsaməddinin Mahtaba göndərdiyi məktubu oxudu: “Sevimli və məhəbbətli Mahtab! Mən bütün ömrümdə bu qədər şad olmamışdım. Sənin məktubunu oxumaq mənə bir bayramın nəşəsini verdi. Özün təsəvvür et, gözəl Mahtab, sevdiyin və kölgəsincə illər uzunu süründüyün bir qızdan məktub almaq nə şərəfli və unudulmaz bir bayram deyildirmi? Məgər meydanlarda, rəsmi-keçidlərdə, məscidlərdə, meşə və bağ səyahətlərində dalınca gəzən Hüsaməddini görməmisənmi? Lakin mən sənə yaxın gəlib salam verməyə cəsarət etmirdim. Bu cəsarətsizliyin bir səbəbi də mənim Əmirin qızı Qətibəyə bağlı olduğumdur. Çünki Əmir bir neçə kərə: “Qətibə sənindir” – deyə onu mənim boynuma bağlamışdır. Lakin o qız heç vaxt, mənim qəlbimin mülkündə soltanlıq edə bilməz, çünki qəlbimin poladdan möhkəm olan qala qapıları onun üzünə bağlıdır. Bir də burasını bilməlisən ki, o heç bir zaman Mahtabın gözəlliyini əvəz edə bilməz. Sənin sevgin sudan saf, çiçəkdən təmizdir. İcazə versəydin, mən öz adamlarımı razılıq almaq üçün atanın yanına göndərərdim. Sənin Hüsaməddinin”. Qətibə məktubu Səba xanımdan alıb cibinə qoydu və dedi: – Bu məktub mənimlə Hüsaməddin arasında başlanan ixtilafı həll etmək üçün yeganə vasitədir. Madam ki, o özü üçün bir sevimli qız axtarırdı, mənim də şairdən ümidimi kəsəndən sonra başqasına ərə getməyə ixtiyarım var. İndi Hüsaməddinin mənə yazdığı birinci məktubu oxu! Səba xanım Hüsaməddinin Qətibəyə yazdığı məktubu çıxarıb oxudu: “Möhtəşəm Mələkə! Sən daima olduqca məğrur idin, bu gün xoşbəxtlik saydığın izdivac sənin üçün əbədi bir bədbəxtliyə səbəb olacaqdır. Mən sənə o zaman demişəm, yenə də deyirəm: sən mənim olmasan, heç kəsin də olmayacaqsan, sənin mələkəliyin də o qədər uzun çəkməyəcəkdir. Sən nəyə aldanıb, iki-üç qadını olan Atabəyə ərə getdin? İndi bütün həyatın qısqanclıq, kədər və göz yaşları içində keçməyəcəkdirmi? Sən şairdən məhrum olduğunu zaman mənə ümid vermişdinsə də, yenə də vəfasız çıxdın, vədələrə vəfa etmədin. Lakin bir gün sən məni axtaracaqsan. Mən nəinki tək sənə, elə də sənin atana lazım olan bir adam idim. Hər sözü məktubumda yaza bilmədim, üz-üzə görüşmək mümkün olsaydı, onların hamısını sənə deyərdim. Hüsaməddin”. Məktub oxunub qurtarandan sonra Qətibə Səba xanımdan soruşdu: – Sən onu tapıb mənim yanıma gətirə bilərsənmi? Səba xanım bir az əzilib-büzüləndən sonra: – Əlacım nədir? – dedi. – Mələkə buyurandan sonra göydə də olsa endirib gətirməliyəm. – Elə isə daha dayanma. Atabəy Şirvandan qayıtmamış onu saraya – mənim hüzuruma çağırmalısan. – Bəlkə sabah, ya birisi gün qayıtdı. – Sabah, birisi gün nədir, bir saata Hüsaməddin burada olacaqdır. – Bu tezlikdə onu sən haradan tapacaqsan? – Axtarmaq lazım deyil, o mənim yalan xəbərlərimi almaq üçün bu gün Zərrabxana meydanındakı çinarların altında dolaşıb məni gözləyir. Səba xanım qalxıb getdi, Qətibə isə məşşatələri çağırıb geyinməyə və bəzənməyə başladı. Bəzədilmə iki saatdan artıq çəkdi. Nəhayət, Səba xanım içəri daxil olub Hüsaməddinin dəhlizdə onu gözlədiyini xəbər verdi. Qətibə qalxdı və: – Atabəy burada yoxdur, hələlik bu da kifayətdir, – deyərək məşşatələri otaqdan çıxartdı. Hüsaməddin içəri girdi, salam vermədi, Qətibə isə bunu aldırmayaraq: – Əleykəssəlam, möhtərəm Hüsaməddin, gəl otur! – dedi. Hüsaməddin keçib bir tərəfdə oturdu, Qətibə isə onun Səba xanımla göndərdiyi məktubu ona göstərib nəsihətverici bir tövr ilə dedi: – Bu kağızı Səba xanıma verən sənsənmi? – Bəli, mən yazmışam. – Belə bir məktubu ancaq adi qızlara yazmaq olar. Onu bir məmləkətin mələkəsinə yazmaq etinasızlıq və hörmətsizlikdir. – İllər uzunu etina edib hörmətlər bəsləməyimə qarşı nə kimi bir mükafat aldım? – Daima aldatdığın bir qızdan sən nə kimi bir mükafat gözləyirdin?! – Mən kimi aldatmışam? – Əmir İnanc qızı Qətibəni, sənin qarşında oturan qızı, hazırkı mələkəni. Hüsaməddin etirazla dedi: – Sən yenədəmi böhtan və iftiralardan əl çəkmədin? – Mən heç bir vaxt böhtan və iftira deməyi sevmərəm, lakin əlimdə dəlil olduğu zaman həqiqəti hər kəsin üzünə söyləməkdən utanmaram. – Sənin əlində nə kimi bir dəlil ola bilər?! – Gəl keçmişlərdən danışmayaq, çünki sən mənim yanımda müqəssirsən. Mən səni bura təqsirləndirmək üçün yox, barışmaq üçün çağırmışam. Mən keçmiş dostluğun davam etdirilməsi üçün səninlə danışmaq istəyirəm. Sən gözəlcəsinə bilirsən ki, bu izdivac bir məhəbbətin yox, bir siyasətin nəticəsidir. Nə edə bilərdim? Şair mənim məhəbbətimə qiymət qoymadı. Sən də başqa oyun oynadın. – Mən səninlə hansı oyunları oynadım? – Sənin dilin mənə sevgi elan edir, qəlbin isə Mahtab xanımla oynayırdı. – Mənim qəlbim Mahtab xanımla?! – Bəli, Mahtab xanımla! Sən elə bilirdin ki, Mahtab xanıma göndərdiyin məktubları Cahanbanu xanım mənə göndərmirdi?! Qətibə bu sözdən sonra əlini balaca sandığa tərəf aparıb onun Mahtab xanıma yazdığı məktubu çıxarıb özünə göstərdi. – Bu məktub sənin öz əlinlə yazılmamışdırmı? Bu imza sənin imzan deyildirmi? Sən bu məktubu yazdığın zaman hələ Atabəy Gəncəyə gəlməmişdi, şair isə məni rədd eləmişdi. Mən səni yanıma çağırıb qəlbimi açmaq istərkən Mahtaba yazdığın məktub əlimə çatdı. İndi özün mühakimə et, məndən sənə qarşı bir haqsızlıq baş verdimi? De görüm, mən sənə arxalanıb Atabəyin təklifini rədd edə bilərdimmi? Sən mənim yerimdə olsaydın, bir daha məni yanına çağırıb danışmaq istərdinmi? Hüsaməddin sakit oldu, daha danışmadı, çünki Mahtab xanıma yazdığı məktub onun təqsirlərini isbat edəcək böyük bir vəsiqə idi. Artıq Hüsaməddin öz qəlbində Səba xanıma lənət yağdıraraq deyirdi: “Allah Səbanın evini yıxsın, mənim xoşbəxtliyimi əlimdən aldı, mənim ilə Mahtab xanım arasındakı sevgi əlaqəsini düzəldən o haramzadə cariyə oldu”. Hüsaməddin utandığından başını qaldırıb Qətibənin üzünə baxa bilmirdi, nəhayət, Qətibə irəli gəlib onun əlini əlinə aldı və çox soyuqcasına dedi: – Mənim dostum, mən səni keçmiş günahların üçün töhmətləndirməyə çağırmamışam. Səni, gələcəyimiz barəsində tədbir tökməyə çağırmışam. İndi məni dinləməyə rəğbətin vardırmı? Açıq söylə, mənə olan məhəbbətin bir zərrə də olsa qəlbində qalıbmı? Hüsaməddin Qətibənin əlini döşünə basaraq səsləndi: – Qətibə, sənin gözlərinə and içirəm, o məhəbbət yenə də qalır, o, mən ölənə qədər sönməyəcəkdir. – Mən bunu bilirdim, bunun üçün də səni yanıma çağırmağa cəsarət etdim. Bizim ikimiz də gəncik, ümidin qapısı isə heç kəsin üzünə bağlı deyil, gəl əl-ələ verib çalışaq. Meydanımız olduqca genişdir, biz indi bir Gəncə miqyasında deyil, bütün Atabəy məmləkəti dairəsində iş görə bilərik. Sən onu bil ki, mən səni Həmədana aparmaq üçün Atabəydən icazə alacağam. – Sən məni Həmədana bir məhbus kimi aparmaqmı istəyirsən? Sən bununla öz atanın yaxasını mənim əlimdən qurtarmaqmı istəyirsən?! – Yox, səni bir məhbus kimi yox, bir adlı-sanlı sərkərdə kimi paytaxta aparmaq istəyirəm. Orada mən ancaq səni tanıyacağam və sənə arxa verəcəyəm. Atamın məsələsinə gəldikdə, sənin o barədə düşünməyin tamamilə yersizdir. Mən özüm riza verməsəydim, o məni heç kəsə ərə verə bilməzdi. Öz təqsirin səbəbinə baş verən hadisənin intiqamını başqalarından almağa haqlı deyilsən. Mahtab üçün yazdığın məktub mənim əlimə çatmasaydı, Atabəy deyil, Bağdad xəlifəsi də gəlsəydi, bu iş baş tutmayacaqdı. De görüm, indi mənə inandın ki? Hüsaməddin bir az düşündükdən sonra: – Bəli, inandım! – dedi. Qətibə bu sözdən razı qaldığı üçün soruşdu: – Sənə bir hədiyyə versəm qəbul edərsənmi?! – Bu iltifat gözəl qızın özündən asılıdır. Qətibə bunu deyərək dodaqlarını Hüsaməddinə uzatdı, sonra Hüsaməddin onu buraxmaq istəmədiyindən Qətibə geri çəkilib: – Dalısı sonra! – dedi. * * * Qütlüğ İnanc Qətibə xatun oğlan doğdu. Uşağın bir ayı tamam olan günü Atabəy paytaxtında böyük şənliklər başlanmışdı. Həmədan şəhəri başdan-başa çiçəklər və əlvan güllər ilə bəzənmişdi. Küleyin qalasının divarları üzərinə taxılan minlərcə fənərlər və alovlu məşəllər on səkkiz verstlik məsafəni əhatə edən eniş-yoxuşlu şəhəri gündüz kimi işıqlatmışdı. Şəhərin ortasındakı Baba Tahirin məqbərəsindən şəhərə baxıldığı zaman insanın fikri uzaq tarixlərə qayıdırdı. Od içində parlayan şəhər, II Keyxosrovun Midiya imperatoru Astiyaqın paytaxtına girdiyi zamanı və tarixin məşhur Əkbatanını yandırdığını xatırladırdı. Əlvənd dağının ətəklərində yanan məşəllərin şöləsi iki fərsəng məsafədən imamzadə Hüseynin məqbərəsini işıqlandırır və dəmir şəbəkəli pəncərədən içəri girməklə mərmər sütunlar arasında uçuşan gecə quşlarının rahatlığını pozurdu. Şəhərin bu başından o biri başına çəkilən ipin bir ucu Dəccanə məqbərəsi, o biri ucu isə şəhərin cənubundakı İsmayıl məqbərəsindəki minarəyə bağlanmışdı. İpin üpərinə düzülən əlvan fənərlər, göydən yerə əlvan rəngli ulduzların axıb gəldiyini xatırladırdı. Qətibə, Atabəy sarayının uca köşkündə oturub oğlunun doğulması gününün şərəfinə düzələn çırağbanlığa baxırdı. Lakin onu nə bu təntənə, nə də oğlunun doğulması şadlandırmırdı. Çünki o, özünün və oğlunun gələcəyindən əmin deyildi. Eyni zamanda Qətibə, Qızıl Arslanla Atabəy Məhəmməd arasında mövcud olan əlaqədən də razı qala bilmirdi. Çünki Qətibə Qızıl Arslandan Atabəyə gələn məktubları gizlincə götürüb oxuduğu zaman Qızıl Arslanın Atabəy Məhəmmədə müraciətlə yazdıqlarını xatırlayırdı: “Xalqın ağzını yummaq olmur, sizin qayınatanızın hərəkətləri, Şimali Azərbaycanda dəhşətli üsyanların çıxmasına səbəb ola bilər. Hər kəsin ağzından məmləkətdə Atabəy Məhəmmədin deyil, Qətibə xatunun hökmdar olduğu sözünü eşitmək olur. Yaxşı olardı ki, qış girmədən bir daha Azərbaycan tərəflərinə səyahətə çıxaydınız, hazırda məmləkətdə islahat aparmaq üçün əlimizdə geniş imkanlar vardır. Lakin Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı əlaqəsizliyi heç bir vəchlə ləğv edə bilmirəm. Çünki Qətibə xatunun atası buna imkan vermir”. Qətibə həm atasının, həm də özünün gələcəyindən qorxu çəkirdi. O, Qızıl Arslanın Atabəyə yazdığı tənqidlərdən razı qalmırdı. Atabəy Məhəmmədin bu kimi tənqidlərə qarşı soyuqqanlılıqla hərəkət etməsi və bunlardan acığı gəlməməsi də Qətibənin qəlbində cürbəcür şübhələrə və düşüncələrə səbəb olurdu. Bəzən Atabəy Məhəmməd Qətibənin təkidi və tələbləri üzərinə Qızıl Arslana fərman göndərirdisə də, lakin bu, Qızıl Arslan tərəfindən həyata keçirilmirdi. Buna görə də Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslan arasında gizli bir razılaşma olduğundan və bu tənqidlərin Atabəyin öz tapşırığı ilə yazılmasından şübhələnirdi. Qətibə çox dərdli idi, onun sərəncamında olan bütün imkanlar onu razı salmırdı. O əvvəllər doğmağını gözləyirdi, oğlan doğandan sonra öz tələblərini qəti və ciddi bir surətdə Atabəyin qarşısına qoymağı qərara almışdı. Bu gecə Qətibə nə olursa olsun öz sözlərini Atabəy Məhəmmədə demək istəyirdi. Lakin Qətibənin tələbləri çox böyük idi, Atabəy tərəfindən qəbul ediləcəyinə özü də inana bilmirdi. Gecədən çox keçmişdi. Qətibə xatun çırağbanlığın tamaşasından qalxıb Atabəy sarayının aynabənd salonuna girdi. Dərhal cariyələr onu aralığa alaraq libas otağına gətirdilər. Atabəy isə salonda dolaşıb Həmədan qazisini və Həmədan əyanlarını gözləyirdi. Onlar Atabəyin oğluna ad qoymaq üçün saraya dəvət edilmişdilər. Bir azdan, qabaq qazi, onun dalınca da Həmədan əyanları və böyük rütbəli hökumət məmurları, – vəzirlər və vəkillər salona daxil oldular. Atabəyin oğlunu salona gətirmək üçün lələnin otağına adam göndərildi. Az sonra yüz nəfərdən ibarət bir dəstə – cariyə və kənizlər salona daxil oldular. Lakin uşaq lələnin yox, Səba xanımın qucağında idi, çünki lələyə veriləcək hədiyyənin Səba xanıma verilməsi üçün Qətibə bir neçə saat əvvəl Atabəylə danışmışdı. Hamı ayağa qalxdı. Səba xanım irəli gəlib uşağı qazinin qucağına verdi. Qazi dua oxuyub, əlini uşağın alnına çəkəndən və təzə mövludu təbrik etdikdən sonra irəli gəlib uşağı Atabəyin qucağına verdi və dedi: – Təzə mövludun adı haqqında ixtiyar ata-ananındır! Atabəy cavab verdi: – Mən uşağa Qütlüğ adı vermişəm, mələkə də öz tayfalarının nəsilbənəsil daşıdığı İnanc adını əlavə etmişdir. Hərgah qazi cənabları da icazə versəydi, uşağı bundan sonra Qütlüğ İnanc səslərdik. Qazi yenə dua oxudu: – Xudavəndi-aləm Qütlüğ İnancı əlahəzrətə çox görməsin və Eldəniz xanədanının ömrünü min illərə yetirmək üçün doğulan mübarək mövludu öz hifz və himayətində yaşatsın! Qazi bu duaları oxuduğu zaman Atabəy diqqətlə uşağın üzünə baxırdı. Uşaq çox kinli və qaşqabaqlı idi. Atabəy uşağın çöhrəsindən aldığı təsirdən o qədər də yaxşı fal vurmadı, öz-özünə: “Tamamilə anasının yolunu gedəcəkdir. Barışmaz bir çöhrəsi vardır” – dedi. Atabəy uşağı qaytarıb Səba xanımın qucağına verdiyi zaman ona bir kağız da verdi. Kağızda: “Səba xanıma xəzinədən beş yüz qızıl verilsin” – deyə yazılmışdı. Atabəyin əmrilə qazinin çiyninə böyük bir xələt salındı, sonra da bir kisənin içərisində ona min dirhəm qızıl pul verdilər. Atabəy bundan əlavə Həmədan fəqirlərinə on beş min qızıl ehsan edilməsinə əmr verdi və təzə mövludun münasibətilə bir neçə camenin və məqbərənin təmir edilməsi üçün öz vəzirinə əmr verdi. Onlara: Əbüdccanəyiin sarin, Musa Kazımın oğlu İsmayılın, Əliyyülnəğinin oğlu Həsənin, Baba Tahirin, Şeyxül Seyid Əli və Xacə Əbülyəqubun məqbərələrinin təmir edilməsini tapşırdı. Salon boşaldı. Səba xanım yenə də uşağı götürüb cariyələrin və kənizlərin müşayiətilə beşik otağına apardı. Qətibə xatun dərhal Səba xanımı qarşılayıb onun qulağına pıçıldadı: – Atabəy uşağı öpdümü? Səba xanım yavaşdan cavab verdi: – Uşağı öpmədi, lakin onun üzünə diqqət və təəccüblə baxdı. Səba xanımın verdiyi bu xəbər Qətibənin Atabəy Məhəmmədə qarşı bəslədiyi şübhələrini bir daha qaynatdı. Yemək otağına keçmək lazım idi, çünki Atabəy onu gözləyirdi. Kənizlər, cariyələr onu yemək otağına yola saldığı zaman Atabəy ayaq üstündə durub Qətibəni gözləyirdi. Atabəy Qətibəni gördüyü zaman irəli gəlib əlindən öpdü: – Mələkəni təbrik edirəm. Oğul doğduğun üçün atamızdan qalan məşhur malikanəmizi sənə bağışlayıram. Eldəniz malikanəsi Həmədan və Soltaniyyə arasında ən gözəl, ən səfalı bir yaylaqdır. Rəhmətlik atam Eldəniz Rübatını yazıq anamız üçün saldırmışdı. İndi isə atamızın nəslini davam etdirmək üçün bizi şadlandırmış Qütlüğ İnancın gözəl və nəcib anasına bağışlayıram. Qardaşım Qızıl Arslan Qütlüğ İnancın doğulduğunu eşidəndən sonra bir məktub göndərmişdir. Bax nə gözəl yazır: “Eldəniz xanədanına təzə bir çiçək bağışlayan həşəmətli mələkəyə bütün Azərbaycanda çiçəkləri ilə məşhur olan Seyidabad kəndini bağışlayıram. Bu kənd öz havası ilə məşhurdur. Bu kənd Ucan yaylasının dörd fərsəng məsafəsindədir”. Atabəy bu sözləri deyəndən sonra iki qəbalə çıxarıb Qətibə xatunun qarşısına qoydu. Onlardan birisi Eldəniz Rübatının, ikincisi isə Qızıl Arslanın hədiyyə etdiyi Seyidabadın qəbaləsi idi. Qətibə xatun qəbalələri alıb bir tərəfə atdı və heç bir söz demədən yemək süfrəsinin başına keçdi. Qətibə xatunun bu etinasız hərəkəti Atabəyi təbii halından çıxardı. Lakin ona süfrə üstündə heç bir şey demək istəmədi. Yalnız Qətibənin acıqlı çöhrəsinə baxdığı zaman bir saat bundan əvvəl gördüyü uşağın acıqlı və kinli çöhrəsi də gəlib onun gözünün qarşısında dururdu. Şam yeməyi qurtardı. Qətibə durub getmək istərkən, hədiyyə verilmiş qəbalələrə əhəmiyyət vermədi, nəhayət, Atabəy Qətibəyə müraciət etdi: – Mələkə iki hökmdar tərəfindən verilən hədiyyələri özü üçün layiq bilmədimi?! Qətibə acıqlı qaşlarını bir-birinə çatışdırıb cavab verdi: – Mən o hədiyyələri həqir hesab etmirəm, o hədiyyələr olduqca böyükdür. Lakin onlar mənim üçündür. Təzə doğulan uşaq üçün layiq deyildir. Madam ki, uşağın Eldəniz xanədanını davam etdirməyə səlahiyyəti vardır, o zaman bunu qeyd etmək lazım idi. Atabəy Məhəmməd fikrə getmişdi. Bu qadınla yaşamaq mümkün olmadığını düşünürdü, çünki o, bu həyatdan razı deyildi, o özünə verilən səlahiyyət və hörməti kifayət hesab etmir və onunla qənaətlənmirdi. Atabəy qəlbində Qətibəyə evləndiyini böyük və siyasi bir səhv hesab edirdi. O öz qəlbində bu qadından və onun oğlundan məmləkətin böyük bədbəxtliyə düçar olacağını düşünür və öz-özünə lənət oxuyurdu. Atabəy fikirli-fikirli Qətibədən soruşdu: – Bir aylıq uşağı bundan artıq qeyd etmək mümkün idimi? Səncə, Həmədan fəqirlərinə veriləcək ehsanlar, müqəddəs məqbərələrin təmiri və sairələr uşağın hörmətini qeyd etmək deyilmidir? – Sən onları uşaq üçün yox, öz şöhrətin üçün etdin. – Uşaq üçün nə edə bilərdim?! – Uşağın dodaqlarından öpərək, “vəliəhdimi al” deyə onu Səba xanıma qaytarmalı idin. – Bu məsələni qaldırmaq tezdir. Vəliəhd təyin etmək işi Toğruldan asılıdır. Çünki məmləkətin qanuni hökmdarı Toğruldur. Vəliəhdlik hüququ mənim övladımın deyildir. Rica edirəm mələkə bu məsələni hələlik qaldırmasın. O ki uşağı öpmək məsələsidir, mənim qazinin və ruhanilərin hüzurunda bir körpəni öpməyim nəzakətsizlik olardı. Əbəs yerə bu sadə məsələdən ötrü narazılıq yaradırsan. – Körpəni öpməmək mənə və oğluma qarşı bir hörmətsizlikdir. – Onu, ancaq mənim şübhələr və düşüncələr əsiri olan mələkəm bu cür düşünə bilər. – Mənim oğlum vəliəhd, mən özüm isə mələkə deyiləm. Mən mələkə olmadığımı çoxdan bilirəm. Çünki mənim dediklərimin və mənim tapşırıqlarımın heç birisi həyata keçirilmir. Lakin sən buna söz vermişdin, bu bizim izdivac şərtlərimizdən birisi idi. – Sən Şimali Azərbaycan xalqının səadəti və məmləkətin abadlığı üçün hər nə ki istəyirsən həyata keçirmək mümkündür. Yaxşı fikir elə, sənin belə bir təklif etdiyin olubmu? – Mən bir çox təkliflər etmişəm, sən də onları Qızıl Arslana yazmışdın, lakin Qızıl Arslan onların heç birisinə əməl etmədi. Sən bilirsən ki, Fəxrəddinlər, Nizamilər mənim atamın Azərbaycanda hökumət sürməsinə əngəl törədirlər. Sən bir neçə dəfə bu barədə Qızıl Arslana tapşırıq vermişdin, lakin yenə də onların atama qarşı olan ədavətləri davam edir. İndiyə qədər Qızıl Arslan istəsəydi, onları öz yerində oturtmuşdu. – Çox əcəb, indi təklifin nədir?! – Mən təklifimi sənə çoxdan bildirmişdim. Bu təklif xəlifədən sənə gətirdiyim məktubda da qeyd edilmişdi. Sən xəlifənin məktubuna da əhəmiyyət vermədin. – Sənin nə demək istədiyini bilmirəm. Bilirsən Qətibə, dünyada bir çox qadınlar hökmranlıq etmişdir. Lakin onlar sənin getmək istədiyin yolu təqib etmiş olsaydılar, bir il belə hökmranlıq edə bilməzdilər. Sən öz atanın rahat yaşaması üçün bir məmləkəti viranə qoymaq istəyirsən. Hərgah Nizami kimi bir şair bu gün Azərbaycandan çıxıb Xarəzm şahı Əlaəddin Təkəşin yanına getmək istəsə, onun ayağının altına qızıl səpər və ipək xalçalar döşərlər. Lakin sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır. Fəxrəddin kimdir?! O, bir kərə üzünü Şimali Azərbaycan xalqına tutub “silahlanın” deyərsə, yüz minlərcə igid at belinə qalxar. Şimali azərbaycanlılar özlərini Börkiyarıq ilə qardaşı Məhəmməd arasında gedən müharibələrdə göstərmişlər. Fəxrəddin kimi qəhrəmanlar gələcəkdə, hətta yaxın gələcəkdə bizim ölkələrimiz üçün lazım olacaqdır. Hərgah Qızıl Arslan Nizami və Fəxrəddini məhv etməmişsə, haman mən sənə burada dediyim səbəblər üçün məhv etməmişdir. Mələkə bilməlidir ki, Fəxrəddinlə atanızın arasında mövcud olan ixtilaf heç bir çarə ilə həll ediləcək ixtilaflardan deyildir. Qətibə acıqla Atabəydən soruşdu: – Mənim atam ona nə etmişdir?! O kimdir ki, mənim atamın üzünə dursun, qapımızda minlərcə Fəxrəddin kimi nökər yoxdurmu?! – Sənin atan onun qəlbinə sağalmaz bir yara vurubdur. Onun nişanlısını sarayda saxlayandan sonra xəlifəyə hədiyyə göndərmişdir. Sənin atan nə üçün xalqın başqasına nişanlanmış gənc qızını evindən çəkib gətirmiş?! Sən elə bilirsən ki, Fəxrəddin öz Dilşadını unudacaqdır? Sənin atanın başına nə fəlakət gəlsə, ancaq bu cəhətdən gələcəkdir. İndi də sənin xəlifədən gətirdiyin məktubların məzmununa keçək. Xəlifə təklif edir ki, Qızıl Arslan Azərbaycan hökumətinin başından götürülsün. Əvvəla, sənə məsləhət görürəm ki, hər ay başında Bağdada gedib xəlifədən mənə məktub gətirməkdənsə, Azərbaycana gedib mənim sifarişlərimi atana yetir. Ona mənim dilimdən salam yetirib söylə ki, onun hərəkətləri Şimali Azərbaycan xalqının üsyanına və ailənizin bədbəxtliyinə səbəb ola bilər. Qoy sənin atan, Qızıl Arslanın bu məmləkətdə islahat aparmasına mane olmasın. Qızıl Arslan kimi ağıllı, tədbirli, alicənab və mərhəmətli hökmdar hələlik Şərq məmləkətlərinin heç birisində görünməmişdir. O, hökmdar olmaqla bərabər bir qəhrəmandır. Eyni zamanda bir alim və bir şairdir. O heç bir vaxt Fəxrəddin kimi qəhrəmanı, Nizami kimi bir şairi məhv etmək istəməz. Qızıl Arslanın bir yaxşılığı da burasındadır ki, o öz yaşadığı məmləkəti beş barmağı kimi tanıyır, xalqının ruhunu ölçüb-biçir, idarə etdiyi xalqa özünü sevdirməyi bacarır. Lakin mənim qayınatam, içərisində yaşadığı xalqın etimadını itirmişdir. Bu gün Şimali Azərbaycan xalqına üzünü tutub “silah başına” deyərsə, beş nəfər nökər, on nəfər mülkədardan başqa bir kimsəni öz arxasında görə bilməz. İkincisi budur ki, xəlifənin Qızıl Arslanın işdən götürülməsi barəsindəki əmri bizim üçün qanun deyil, xəlifə öz ixtiyarı xaricində heç bir iş görməməlidir. Sən heç bir vaxt xəlifənin nüfuzunu düşürə biləcək məktubları alıb gətirmə. Xəlifələrdən hökmdarlara əmr vermək, təyin və xaric işlərinə qarışmaq ixtiyarı çoxdan alınmışdır. İndi artıq Bağdad xəlifələrinin özünü də hökmdar təyin edir. Hökmdarlar istədiyi zaman onları taxtdan yerə salaraq gözlərinə mil çəkir və Bağdad küçələrinə buraxırlar. Üçüncüsü də, mələkəm bilməlidir ki, Qızıl Arslanı Azərbaycan hökuməti başına nə mən, nə də Bağdad xəlifəsi təyin etməmişdir. Onu bu mövqeyə çatdıran öz bacarığı olmuşdur ki, bunun nəticəsində də rəhmətlik atam Eldəniz onu Azərbaycan hökumətinə təyin eləmişdir. Dördüncüsü, ən mühüm bir məsələni mələkəyə anlatmalıyam. Qızıl Arslan çox da yazıq və qorxaq adam deyildir. O, üzünü Azərbaycan xalqına çevirib kömək istəsə, böyükdən kiçiyə qədər Azərbaycan xalqını at belində görərsən. Beşincisi, o mənim gözümün işığı kiçik qardaşımdır. Kiçikdir, lakin böyük fikirləri həyata keçirmək işində çox böyük adamdır. Mən də və sənin atan da, hökmdarlıq etmək üçün ondan bir çox şeylər öyrənməliyik. Qətibə bunları eşidəndən sonra: – Mən də neçə müddətdir ki, səndən bu sözləri eşitmək istəyirdim, – deyərək qalxıb getdi. * * * Eldəniz Rübatı Yay istiləri düşdüyünə görə Atabəyin ailəsi Eldəniz Rübatı yaylasına köçmüşdü. Mələkə yaylaqda yaşadığı zaman təyin edilən mühafizə dəstəsinin başçılığını Atabəy Məhəmməd Hüsaməddinə tapşırmışdı. Atabəy öz oğlunun həyatını və gənc qadınının namusunu ancaq Hüsaməddinə inanırdı. Çünki Qətibənin özü də Hüsaməddinin namuslu və sədaqətli bir zat olduğunu və onun Əmir İnancın nemətləri ilə böyüdüyünü Atabəyə dəfələrlə söyləyib inandırmışdı. Lakin Qətibənin özü şəxsən Hüsaməddinə inana bilmirdi, yenə də Hüsaməddinin intiqamlarından qorxurdu. Xüsusən, Qətibə yaylaqda yaşadığı zaman Hüsaməddin qəlbində bəslədiyi intiqamı asanlıqla həyata keçirə bilərdi. Buna görə də gecələrin birində Qətibə öz cariyəsi Səba xanımı Hüsaməddinin dalınca göndərib onu öz çadırına dəvət etdi. Qətibə daima bir məsələni bəhanə edərək Səba xanımı onun çadırına göndərirdi, çünki Hüsaməddin öz sirlərini ancaq Səba xanıma deyirdi. Səba xanım isə Qətibənin tapşırığına görə Hüsaməddinin bütün sevgi elanlarına müsbət cavab verir, rəsmiyyətə salınmasa belə onunla yaşayırdı. Hüsaməddinin fikrincə, Qətibənin bu macəradan xəbəri yox idi, çünki Səba xanım hər zaman onunla gecələdikdə, ona yalvarır, Qətibəyə xəbər verməməsini tapşırırdı. Səba xanım Hüsaməddinin çadırının pərdəsini qaldırıb içəri girdi və çadırda başqa adam görmədiyi üçün Hüsaməddinin qucağına atılıb ağladı: Hüsaməddin onun dodaqlarından öpərək soruşdu: – Mənim ruhum, nə üçün ağladın? Hüsaməddin sənin göz yaşlarını görməyə tab edə bilərmi?! Səba xanım onun boynuna sarılaraq deyirdi: – Mənim göz yaşlarımın tökülməsinə səbəb sənin özün deyilsənmi?! – Aman allahım! Mən buna razı ola bilərəmmi?! Söylə, hərgah buna bir səbəb varsa, o səbəbi qılınc gücünə məhv edərəm. Səba xanım ağlaya-ağlaya dedi: – Sən onu bacarmazsan, çünki onu sevirsən. Hüsaməddin gülərək başını buladı: – Sən məni Qətibəyəmi qısqanırsan? Sən bilirsən ki, o mənə xain çıxıbdır. Sən bilirsən ki, mən onun məhvinə çalışıram. Əcəba, məni sevməyən bir adamı mən sevə bilərəmmi?.. O məni aldadıb ərə getdiyi bəs deyildi, üstəlik aldadıb Həmədana da gətirdi. Atabəyi sevməyəcəyinə dəfələrlə and içib məni inandırdı, lakin ondan bir oğlan doğdu. İndi isə məndən nə istəyir?! – Bilmirəm, səni öz çadırına çağırır, şam süfrəsi düzəltmişdir. O səni yanında saxlayacaqdır. Mən buna dözə bilmərəm. Bu axşam özümü hovuza atıb məhv edəcəyəm. Səba xanım bunları deyəndən sonra yenə də hönkür-hönkür ağladı. Hüsaməddin onun sevgisinə inanırdı. Çünki o, saxta sevgi daşıyan bir qadının gözlərindən bu qədər yaş axıda bilməsinə inanmırdı. Lakin Hüsaməddin Səba xanımın bu işlərdə sənətkar olduğunu bilmirdi, o daima Səba xanıma yalvarır və deyirdi: – Sənin hər bir qırıq tükünü dünyanın yüzlərcə mələkəsinə dəyişmərəm. Onun kölgəsincə illər uzunu süründüm; o gözəldir, lakin bir kərə olsa üzüm gülmədi. Mən belə bir qərara gəldim ki, onunla heç bir kəsin həyatı gülməz. Mənim iqbalım ancaq səninlə güləcəkdir. Buna görə də səni bu zəhərli qadının himayəsindən qurtarıb bir mələkə kimi yaşatmağı qərara almışam. Qətibə Səba xanımın təxir etməsindən heç də acıqlanmırdı. Çünki o, Səba xanımın verdiyi tapşırıqlara əməl etdiyi üçün təxir elədiyni bilirdi. Səba bir saatdan sonra Qətibənin çadırına girdi və qəhqəhələrlə gülməyə başladı. Bu gülüşlərdən Qətibə Səbanın nə demək istədiyini anladı, Səba xanım isə Hüsaməddinlə danışdıqlarını tamamilə Qətibəyə xəbər verdi. Qətibə başına hərəkət verərək dedi: – Bütün işlər Hüsaməddin kimi adamların əlində olsaydı, hamısını bir saatın içərisində əlimə ala bilərdim. Hüsaməddin Qətibənin çadırına yaxınlaşdığı zaman Qətibə də çadırın pərdəsini qaldırıb qara buludlarla qucaqlaşan on dörd gecəlik ayın kirşanlı çöhrəsini seyr edirdi. Ucandan və Soltaniyyə çəmənindən qalxan gecə ruzigarı Əlvənd dağının lətif nəsimlərilə qucaqlaşdığı zaman, Qətibənin qara saçlarının bükümlərini dağıdır və aydan daha şəfəqli olan alnından öpürdü. Qətibə bu gecə öz gözəlliyini artıra biləcək bütün vasitələrdən istifadə etmişdi. O, Hüsaməddini gördüyü zaman üzünə tökülən saçlarını bir daha çöhrəsindən kənara atdı, Hüsaməddin isə bu afətin gözəlliyini və gecəyə məxsus libasla ayın qarşısında nümayiş etdiyini görüncə onun varlığı, hissi, düşüncəsi və xatiri tamamilə keçmişlərə qayıtdı və o, qəlbində öz-özünə dedi: – Sübhanallah, bir ay buludların arxasında gizlənmək istərkən, ikinci ay da qara saçların arasından çıxıb çadırı işıqlandırır. Qətibə gözlərinin ucu ilə Hüsaməddinin baxışlarındakı mənanı oxuyurdu. Onun ehtirasının ağlına qalib gəldiyi dəqiqələrin yetişdiyini hiss edirdi. Lakin Qətibənin özü qəmgin və narazı bir vəziyyət almışdı. Hüsaməddin salam verib çadıra girdiyi zaman Qətibə sevgi və qısqanclığın əlində oyuncaq olan bir qız kimi, şikayətə başladı: – Bir də mən o alçaq cariyəni, hər qədəmində mənə xəyanət edən Səba xanımı sənin yanına göndərməyəcəyəm. Buna and içirəm, artıq bu həqarət çəkilməz bir şəkil aldı. Mən bilirəm ki, sən onu sevirsən. Bir addım yoldan səni çağırmaq üçün saatlarca vaxtmı lazım idi?.. Sən bunu məni təhqir etmək üçünmü edirsən? Qətibə bunu deyib şiddətlə ağladı. Hüsaməddin ayaq üstündə quruyub qalmışdı, onun ağlamasının həqiqi və yainki saxta olmasına diqqət verirdi. Hüsaməddin Qətibənin Səba xanımdan da şiddətli ağladığını və göz yaşları tökdüyünü görüncə öz-özünə belə fikirləşirdi: – Mən nə qədər xoşbəxtəm. Eldəniz Rübatının lətif havaları ilə nəfəs alıram, özüm də Atabəyin inanılmış əzəmətli bir sərdarı, gənc və zəngin bir insanam. Bu mətin varlığım isə Şərqin iki nəfər məşhur gözəlini özünə bağlamışdır. Həqiqətdə də bu göz yaşları ürəklərdə coşan sevgi yağışlarının damcılarıdır. Səba xanım da, mələkə də mənim eşqimin dəliləridir. Səba! Onun döşlərini qoxlarkən sanki səhər ruzigarları damağıma qərənfil qoxuları dağıdır, onun dodaqları dodaqlarıma dəyərkən xoşbəxtlik nəşəsi qanımı coşdurur. Onu qollarımın arasında gördüyüm zaman, özümü dünyanın varlığını mənimsəmiş bir hökmdardan daha yüksək zənn edirəm. Bu isə mələkədir, mən bunun qarşısında durduğum zaman müqəddəs kitablarda oxuduğum möcüzələr gözümdə cilvələnməyə başlayır, özüm-özümə sual verirəm: əcəba, qarşımda oturan mələkədirmi?! Əcəba, mənim eşqim üçün bütün varlığı ilə ağlayan o məğrur Qətibədirmi? Hüsaməddin bunları düşündüyü vaxt sevginin qanadlarına minib axmaqlığın ən yuxarı dərəcəsinə qalxmışdı. O ancaq Səbanı və Qətibəni düşünürdü. Lakin Hüsaməddin onların nə kimi işlər barəsində düşündüklərini öyrənməyə qabil deyildi. Qətibənin səsi bir daha eşidildi: – Gəl otur, lakin sən mənə söz verməlisən ki, bir daha Səba xanımla sevgi əlaqəsində olmayacaqsan; sən məni intihar ayağına sürükləməyəcəyinə and içməlisən. Hüsaməddin nə deyəcəyini və sevindiyindən nə edəcəyini bilmirdi, ancaq bir kərə: – Bu nə sözdür, gözəl mələkə, – dedi. – Əcəba, mən Səba xanımı sevəcək qədər alçaldımmı?! Bir cariyənimi? Əcəba, mələkə mənim nə cür izzət-nəfsə malik olduğumu unutdumu?! – Qətibəni tanımamış deyilsən. Sən bilirsən ki, mən sevdiyim zaman dəli oluram. Nə edəydim? Sən də, mən də, ikimiz də haqlıyıq. Kübar ailələrdə yaşayan qızlar, heç bir zaman öz qəlbinə və öz sevgisinə malik ola bilməz. Sənə and içirəm, mən Nizamidən ümidimi kəsəndən sonra səni düşünürdüm. Lakin məmləkətin ehtiyacı və ailəmizin gələcəyi, məni bu qızıl qəfəsin içərisinə düşməyə və həbsxana həyatı keçirməyə məcbur etdi. Buna sən də səbəb oldun, çünki mən sənin Mahtab xanımla bağlandığını görəndən sonra səndən ümidimi kəsdim. Lakin burada adamsız qalmamaq üçün öz köhnə dostlarımı və sevgilərini hələ də ürəyimdə saxladığım adamları öz yanıma cəlb etməyə çalışdım. Bilmirəm sən bunu hiss etdinmi? İnan mənə, Hüsaməddin! Hər dəfə sənin cariyə Səba xanımla olan əlaqəni hiss edərkən, özümü təhqir olunmuş hesab edirəm. De görüm sən bu təhqirlərə nəhayət verəcəksənmi?! Bizim ikimiz də iqbalımızdan səadət görmədik. Mən səni bədbəxt etdim, iqbalım da mənim öz səadətimi əlimdən aldı. Lakin mən səni yenə də unutmamışam. Mələkəlik məni qızlıq hisslərimi əlimdən ala bilməmişdir. Hüsaməddinin də fikri Gəncəyə və gəncliyə qayıtmışdı: o hər axşam çağı çayın kənarındakı meşədə söyüd kötüyünün üstündə oturan qızı xatırladı və birdən özü belə hiss etmədən ah çəkib dedi: – Ah, vətən. Qətibə də başına hərəkət verərək: – Bəli, vətən, – dedi. – Əziz dostum, gülünc düşməsəydi, mən o üstündə oturduğumuz söyüd kötüyünü Həmədana gətirərdim. Çünki onun üzərində həyatımın qüssə və kədər bilmədiyim anları keçmişdir. De görüm, o kötüyün üstündə oturan zat öz Rənasilə xoşbəxt yaşaya bilirmi? – Bəli, yaşayır. Məhəmməd adında bir oğlanları da vardır. Qətibə ağladı: – Qəlbimi yaraladın, – dedi. O, çadırın qapısından içəri girdi, Hüsaməddin də onun icazəsini alandan sonra çadıra daxil oldu. Orada yüzlərcə ipək örtülü badgir içində yanan qızıl şamdanların işığı Qətibənin çöhrəsinə daha başqa bir gözəllik əlavə etdi. Hüsaməddinin nəzərində Qətibənin üzündə qızlığının məsum baxışları hələ də qalırdı. Bu baxışlar onu intiqam fikirlərindən geri qaytardığı kimi, onun köhnə sevgi hisslərini də təzələyirdi. Qətibə Hüsaməddinin fikirlərini dərhal onun gözündən oxudu və dedi: – Elədir, əziz dostum, sənin dediyin sözlər daima qulaqlarımda cingildəyir: “Sən mənim olmasan, heç kəsin də olmayacaqsan”. Çox doğru demişdin. Mən onu heç vaxt bir ər kimi sevməyəcəyəm, bunu mən sənə söz verirəm. Lakin müəyyən bir vaxta qədər həyatımız bu şəkildə davam edəcəkdir. Ancaq sən də aralıqdakı maneələri məhv etmək üçün mənə kömək etməlisən... Hüsaməddin hərarətlə ona cavab verdi: – Mələkə, mən sənə və anamın qəbrinə and içirəm ki, ölüncəyə qədər sənin sərəncamında olacağam. Sən mənim nə qədər sadiq və möhkəm iradəli bir zat olduğumu yaxşı bilirsən. – Lakin sən hər bir cariyənin arzusunu yerinə yetirmək üçün məni təhqir etməməlisən, çünki sənin bu cür hərəkətlərin aramızda olan sevgi münasibətlərini poza bilər. Hüsaməddin mələkənin canına and içərək onu inandırmağa başladı: – Mələkə! Sənə and içirəm. Mənim əlim Səbanın tüklərinə belə toxunmamışdır. Mən mələkə üçün yaşayacağam, maneələr aralıqdan götürülüncəyə qədər yaşayacağam, mənim üçün mələkənin bir kəlmə “sevirəm” deməsi kifayətdir. Hüsaməddin Qətibənin süfrəsində şam yeməyinə oturdu. Onlar vidalaşıb ayrılırkən Qətibə bir daha: – Hüsaməddin, mənə inan, səni sevirəm, – dedi və dodaqlarını onun dodaqlarından çəkdiyi vaxt: – Dalısı sonra, – deyə əlavə etdi. Hüsaməddin getdi. Səba xanım çadıra girdiyi zaman Qətibə də gülürdü. Səba bu gülüşün mənasını dərhal anladı və dedi: – Belədir, mələkə, kişilər and içə-içə günah etməyə öyrənmişlər. Onların ürəkləri gözlərinə tabedir, Gözlərinin qarşısında kimi görərsə, onu da sevəcəkdir. Qətibə Səba xanıma tapşırığını bir daha təkrarladı: – Sən onu məşğul etməlisən, biləks o buranı tərk edib Gəncəyə qayıda bilər. O burada mənə lazımdır. * * * “Leyli və Məcnun” Ölkədəki bəzi narazılıqla əlaqədar olaraq Şirvan xaqanı öz sarayının sənətkar şairi Xaqanidən də şübhələnir və onun haqqında gizli təhqiqat aparılmasına fərman verirdi. Xaqanın şairi təqib etmək təşəbbüsü bir neçə gün əvvəl Şirvandan qaçıb Gəncəyə gələnlər tərəfindən xəbər verilmişdi. Bu xəbəri Xaqaniyə yetirmək və onun təcili surətdə Şirvandan qaçmasını bildirmək üçün göndərilən qasid, Xaqaninin qayınanası Cahanbanu tərəfindən bu məzmunda bir məktub aparmışdı: “Mahtab şiddətli xəstədir. Gəncəyə gəlməyin lazımdır. Cahanbanu”. Xaqani məktubu alan kimi gecənin yarısında bir nəfər xidmətçisi ilə evindən çıxıb Beloqan tərəfinə yola düşdü. Lakin o, Şirvan hüdudunu keçməyə müvəffəq olmadı. Onu xaqanın əmrinə görə həbsə aldılar. Xaqani həbsə alınandan bir neçə həftə sonra Nizami Şirvan xaqanının sifariş verdiyi “Leyli və Məcnun” dastanını yazıb bitirmişdi. Nizami yazdığı dastanı xaqana aparıb vermək və əvəzində həbsə alınmış şairi azad etdirməyi düşünürdü. Buna görə də Nizami öz kiçik oğlu Məhəmmədi də yanınca götürüb xaqanın paytaxtı olan Şamaxı şəhərinə yola düşdü. Şirvan şairləri, ziyalıları Nizaminin Şamaxıya gəlmək istədiyini eşidərkən, onu şəhərin ayağında təntənə ilə istiqbal etdilər. Onları belə qorxulu bir zamanda Nizaminin Şamaxıya nə cürətlə gəlməsi məsələsi düşündürdü. Nizami bir gün istirahətdən sonra hamama getdi. Xaqanın sarayına getmək üçün təzə libaslar geyindi, oğlu ilə bərabər xaqanın yanına getdi. Lakin, saray xalqı onu özünə layiq bir təntənə ilə qarşılamadı. O, xaqanın eyvanında bir saata kimi oturub gözlədi. Çünki xaqan nahar yeməyindən sonrakı istirahətindən qalxmamışdı. Nizami bu vəziyyəti gördüyü zaman Şirvana gəlməsindən peşman olmuşdu. Vaxtilə ona elçilər göndərib Şirvana dəvət edən xaqan, indi isə onu saatlarca eyvanda oturub gözlədirdi. Nizami “Leyli və Məcnun” dastanı qoltuğunda bir qədər oturub gözləyəndən sonra xaqanın hüzuruna dəvət olundu. Şair otağa daxil olduğu zaman xaqanı öz vəzirləri və əyanları ilə bərabər oturan halda gördü, salam verib dayandı. Xaqan onun salamının cavabını da oturduğu yerində verdi və birinci sözü bundan ibarət oldu: – Xoş gəlib səfa gətirdin, möhtərəm şair! – dedi və saxta bir təbəssümlə sözünə davam edib danışdı: – Nə əcəb Şirvan xaqanından qorxmayaraq belə bir qorxulu zamanda bizim sərhədimizi keçdin? Eybi yoxdur, otur. Şair isə təzim edib oturdu. Xaqan Nizamiyə sual verdi: – Sifariş verdiyim “Leyli və Məcnun” dastanını yazıb bitirdinmi? – Bəli, bitirdim, xaqanın hüzuruna gətirmişəm. Hərgah xaqan nəzərində məqbul görülürsə, mən buradan böyük bir iftixarla qayıdacağam. Nizami bu sözləri deyərək ipək bağlının içərisindən “Leyli və Məcnun” dastanını çıxarıb xaqana təqdim etdi. Xaqan dastanı açıb ancaq müqəddiməni ucadan oxumağa başladı. Lakin aşağıdakı dörd misranı oxuyub: “Türki sifəti vəfayi mən nist, Türkanə sifət səzayi mən nist, Çün həlqəyi şah yaft guşəm Əz dil bə dəmağ rəft cuşəm”. acıqla soruşdu: – Bu nə deməkdir?.. Mən sənə elçilər vasitəsilə göndərdiyim sifarişləri nə üçün dastanına daxil etdin?! Bundan məqsədin nə idi? Sən bu misraları kitaba əlavə etməklə məni türk dilinin və türk xalqının düşmənimi göstərmək istədin? Demək ki, mənim göndərdiyim bu sifarişin nəticəsində mənə olan düşmənçiliyin odu qəlbindən beyninəmi sirayət etmişdir? Çünki sən fars dilində şeir yazmaqdan iyrənirsən, belədirmi?! Nizami xaqanın sözünü cavabsız buraxmayaraq dedi: – Mən özümdən heç bir şey əlavə etmədim. Hazırda xaqan nə cəhətə acıqlanırsa, mən də onun sifarişini aldığım zaman o cəhətə acıqlanmışdım. Çünki hər kəs üçün öz dili, öz xalqı və öz ədəbiyyatı müqəddəsdir. Xaqan Nizaminin çöhrəsinə təəccüblə baxaraq: – Səni də tanıdım. Sənin də qanını siyasi fikirlər zəhərləmişdir. Götür kitabını buradan get, bu kimi əsərlər mənim tərəfimdən heç bir mükafata nail ola bilməz. Əbəs yerə bu qədər zəhmət çəkmisən, – dedikdə Nizami ayağa qalxıb kitabı götürdü və dedi: – Mən bu əsərimi mükafat almaq məqsədilə yazmamışam. Mən bu əsəri ondan ötrü fars dilində yazmışam ki, xaqan həzrətləri həqir hesab etdiyi azəri xalqının nə qədər mədəni, nə qədər qabil və sənətkar olduğunu bir daha bilsin və xaqan bir daha təsdiq etsin ki, belə bir xalq heç bir zaman əcnəbi boyunduruğu altında yaşamağı sevməz. Nizami bu sözləri dedikdən sonra bir daha təzim edərək sarayı tərk etdi. * * * Şirvan xaqanı Əbülmüzəffərin vəliəhdi Bağdaddan qayıdıb Şirvana getmək üçün Təbrizə gələcək idi. Tam bu günlərdə Qızıl Arslan Nizaminin yazdığı məktubu almışdı. Nizami məktubunda yazırdı: “Həşəmətli hökmdar! Aran ölkəsinin hökumət mərkəzi ilə əlaqəsinin olmaması, Həmədan və Bağdadın isə Şimali Azərbaycandan uzaqda olması məmləkət daxilində olan haqsızlığı bir daha gücləndirmişdir. Bu vəziyyət Şirvan xaqanının da özbaşınalığına imkan vermişdir. Bu saatda onun zindanında minlərcə günahsız azərbaycanlı yatır. Bu günlərdə şair Xaqani həbs edilmişdir. Onu qurtarmaq üçün Şirvana getdim, xaqanın tapşırdığı “Leyli və Məcnun” dastanını da özümlə bərabər apardım. Əsərin müqəddiməsi xaqana xoş gəlmədiyindən məni təhqir edib qaytardı. Xaqanini qurtarmaq mümkün olmadı. Xaqan özünə qarşı təşkil edilən sui-qəsddə Xaqani şairin də iştirak etdiyini zənn edir. Əmir İnanc şimali azərbaycanlıların Qızıl Arslan tərəfdarı olduqlarını əlində ünvan tutaraq aranlıların hüququnu müdafiə etməkdən boyun qaçırır”. Qızıl Arslan bu məktubu alandan iki gün sonra Şirvan xaqanının vəliəhdi Təbrizə varid oldu. Qızıl Arslan Şirvan vəliəhdinə Azərbaycanın silahlı qüvvəsini göstərmək üçün Cənubi Azərbaycan qoşunlarının Yanıq, Sərd-rud və Təbriz arasında yığışmasına əmr vermişdi. Təbrizdən Yanığa qədər vəliəhdin keçəcəyi yollar qiymətli xalılarla döşənmişdi. Vəliəhdə nahar yeməyi vermək üçün Yanıq çeşməsinin ətrafında yüzlərcə çadır qurulmuşdu. Vəliəhdə məxsus qırmızı ipəkdən qurulan çadırın başında qızıldan düzəlmiş böyük bir qübbə vurulmuşdu. Yüzlərcə qızıl kəmərli qulam çiyinlərində qızıl əmud çadırın sağ-solunda düzülmüşdü. Ürmiya, Xoy, Mərənd, Qaradağ və Xümsə mahalında yığılan yüz min nəfər gənc atlı, Şirvan vəliəhdini Kavkan şəhərindən gətirib Yanığa doğru müşayiət edirdi. Yanıqda Şirvan vəliəhdini Qızıl Arslanın vəziri Şəmsəddin qarşıladı və Qızıl Arslanın salamını ona yetirdi. Vəliəhd öz çadırında bir-iki saat istirahət etdikdən sonra, nahar etmək üçün böyük çadıra gəldi. Yüzlərcə ipək geyimli və zümrüd xalxallı cariyə vəliəhdin xidmətində idi. Nahar yeməyi bitdikdən sonra Təbrizə doğru hərəkət başlandı. Vəliəhd Təbriz ətrafını lazımınca səyahət etmək üçün taxt-rəvanla yox, at ilə getmək istədi. Ona dərhal bir Qarabağ atı təqdim etdilər. Vəliəhd və onun ətrafında gedənlərin atları ipək xalçaların üstündə gedirdi. Qızıl Arslan vəliəhdi Təbriz altında istiqbal edib, gənc vəliəhdin alnından öpdü və onu öz sarayına gətirdi. Qızıl Arslan vəliəhdi sarayda qonaq adına on beş gün saxlamağı qərara almışdı. Qızıl Arslan bu müddətdə Şirvan xaqanı Əbülmüzəffərə bu məzmunda bir məktub göndərdi: “Əlahəzrət! Əmir İnancın xəyanəti nəticəsində Şimali Azərbaycanın idarə işlərində ciddi bir qarışıqlıq yaradılmış, bunun nəticəsindədir ki, əlahəzrət xaqan da bir çox aranlıları həbsə aldırmışdır. Mən bu gündən etibarən Əmir İnancın özbaşınalığına imkan verməmək üçün Aran işlərini öz əlimə almağa və sizinlə Aran xalqı arasında mövcud olan ixtilafı həll etməyə başlamağı qərara alıram. Sizə məlumdur ki, Azərbaycanın rəsmi hökumət mərkəzi Təbrizdir. Hərgah əlahəzrət Əmir İnanca müraciət etməyərək hər bir ixtilaflı məsələdə Təbrizə müraciət etsəydi, iki hökumətin arasında bu qədər böyük ixtilaf çıxmaz, iki ölkənin xalqı da bu qədər zərərdidə olmazdı. Zənn edirəm ki, əlahəzrət hər iki hökumətin mənfəətlərini nəzərə alaraq aşağıda qeyd etdiyim bir neçə məsələnin həlli üçün iradə sadir buyurar. Əvvəla, nə qədər ki, əlahəzrət vəliəhd Təbrizdə qonaqdır, ixtilaflı məsələləri həll etmək üçün vəkalətli bir heyət göndərəsiniz, əlahəzrət vəliəhd də məsələlərin həllində iştirak edə bilsin. İkinci, Şirvanla Azərbaycan arasında mövcud olan torpaq və sərhəd məsələlərini danışmaq üçün göndərəcəyiniz heyətə tam bir vəkalətnamə əta buyurasınız. Üçüncü, həbsə alınanların azad edilməsinə fərman sadir etməklə onların təqsirini və onlara dəyən zərərləri təyin etmək üçün göndərəcəyiniz nümayəndələrə tapşırıq verəsiniz. Dördüncü, əlahəzrət lütfən Xaqani şairin səfər hazırlığını və istirahətini təmin etdirib Təbrizə göndərilməsinə icazə versin”. Əbülmüzəffər bu məktubu alan kimi Qızıl Arslanın nə demək istədiyini dərhal anladı. O, oğlunun qonaq deyil, girov saxlandığını təyin etdi. O heç bir kəslə məsləhətləşmədən dərhal azərbaycanlıların həbsdən azad edilməsinə əmr verdi. Xaqanini isə həbsxanadan azad etdirib xələt verdi və yol hazırlığını bitirib böyük bir təntənə ilə Qızıl Arslanın yanına göndərdi. Sülh məsələlərini danışıb, sərhəd işlərini nizama salmaq üçün o, Təbrizə on nəfərdən ibarət bir heyət yola saldı. Heyət Şirvandan hərəkət etmədən qabaq vəliəhdin qasidi Əbülmüzəffərə bu məzmunda bir məktub gətirdi: “Əlahəzrət! Dörd gündür ki, Təbrizdəyəm. Özümə göstərilən ehtiram və Təbrizdə gördüyüm istiqbal təntənəsi Şərq tarixində görüb oxumadığım yeganə bir hadisədir. Demək olar ki, Azərbaycan atabəyliyinin əsasını Həmədan şəhəri deyil, Təbriz təşkil edir. Burada gördüyüm sərvət, qoşun, təntənə, cəlal və əzəmət Həmədanda gözümə dəymədi. Hazırda mənə yüz nəfər qızıl kəmərli qulam və yüzlərcə zümrüd xalxallı və almaz gərdənbəndli cariyə xidmət edir. Mən Təbrizə varid olduğum gün əlahəzrətin və mənim ömrümə dua edilməsi üçün Qızıl Arslan xəzinənin ağzını açdırıb Təbriz fəqirlərinə hədd-hesaba gəlməyən sərvət payladı. Bir nəfər də olsa ehsan almayan yoxsul qalmadı. Mən Təbrizə axşam qaranlığında daxil oldum, bütün şəhər çırağban edilmişdi. Şəhər xalqı əllərində lalə şüşəli şamdanlar mənim istiqbalıma çıxmışdı. Mən indiyə qədər Qızıl Arslan qədər mərhəmətli, adil, mülayim, bilikli və elmli bir hökmdar görməmişəm. Mən Təbrizə gəldiyimin ikinci günü məşhur Şərq şairi və alimi Zəhir ibn Tahir, ibn Məhəmməd Fəryabi Qızıl Arslanı ziyarət etmək üçün Təbrizə gəldi, onu möhtəşəm bir hökmdar kimi istiqbal edib saraya gətirdilər. Mən bu gün nahar yeməyini Mücirəddin Beləqanlı, xacə Cəlal Dərəkanı, həkim Suzəni Səmərqəndi, xacə Mahmud Şahsəncan, Rəşidəddin Vətvat və sair alimlər, filosoflar və şairlərlə birlikdə yedim. Qızıl Arslan məclisinin bir səmtində siyasətşünaslar, bir tərəfində filosoflar, o biri tərəfində alimlər və şairlər oturur, çünki hökmdar həm filosof, həm alim, həm siyasətşünas, həm də şeir və ədəbiyyat maraqlısıdır. Əlahəzrət icazə versəydi, bir neçə gün Qızıl Arslanın sarayındakı bu ruhani həyatdan həzz alardım. Mən dünyada elə bir şəxsiyyət bilmirəm ki, Qızıl Arslanla bir saat oturandan sonra onu sevməsin. O məni doğma oğlu kimi sevdi, rahətimi təmin etmək üçün görülən təşəbbüsləri şəxsən hökmdarın özü yoxlamaqdadır. Əlahəzrətə səmimi salam yazmaq üçün dəfələrlə mənə tapşırdı”. Əbülmüzəffər vəliəhdin məktubun alandan sonra Qızıl Arslanla əlaqənin tamamilə dəyişməsinə qərar verdi. Hətta Nizamini təltif etmək üçün Şirvana dəvət edərək “Leyli və Məcnun” dastanını dübarə gətirməsini rica etdi. Bu dəvətin cavabında isə Nizami: “Xəstəyəm, yola çıxa bilmərəm”, – deyərək dastanı oğlu Məhəmmədlə bərabər Şirvana göndərdi. * * * Qətibə və Qızıl Arslan Şirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər. Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı. Əmir İnancı hər şeydən artıq rahatsız edən Şirvan şahı Əbülmüzəffərin Təbrizə heyət göndərməsi idi. Əmir İnancın başqa çarəsi yox idi, o yenə də Həmədana müraciət etməyə və qızına məktub göndərməyə qərar vermişdi. Qızına yazdığı məktubun əvvəlində, “mənim əziz qızım Qətibə” əvəzinə “Həşəmətli mələkə” – deyə yazırdı. “Məktubumu alan kimi əlahəzrət Atabəyə Şimali Azərbaycanın düşdüyü təzə fəlakət barəsində danışarsan. Qızıl Arslan işləmək üçün mənə imkan vermir. İslahat aparmaq mümkün deyil, Şirvan – Aran məmləkəti arasında olan ixtilafı həll etmək üçün Təbrizdə müşavirə çağırmışdır. Şirvandan hazırda Təbrizə nümayəndələr gedir. Qızıl Arslanın təşəbbüsü baş tutarsa, mənim Azərbaycanda yaşamağım mümkün olmayacaqdır. Hərgah əlahəzrət Atabəy bu məsələlərə əhəmiyyət verməzsə, təcili surətdə Bağdada gedib Əmirəlmöminin həzrətlərinə məlumat verərsən. Əlahəzrət Atabəyə qandırmalısan ki, Qızıl Arslanın əmri ilə Şirvan həbsxanalarından buraxılanların hamısı Azərbaycan atabəylərinin düşmənidir. Əlahəzrət icazə versəydi, Şirvan həbsxanasından buraxılanları biz burada təzədən tutub həbsə alardıq. Çünki onların hamısı üsyançılar və xain fikirlər daşıyan adamlardır. Mənim bu yazdıqlarımı Atabəy həzrətlərinə xəbər verəndən sonra nə cavab verdiyi barəsində mənə sürətlə məlumat göndərərsən”. * * * Atabəy Məhəmməd nahar yeməyindən sonra sərxoş idi. O yenə də əvvəlki adətini davam etdirirdi. Başını Qətibənin döşlərinə qoyub yatmışdı. Səba xanım otağa daxil oldu, Əmir İnancdan gələn məktubu Qətibəyə verib yenə də barmaqları üstündə yavaş-yavaş geriyə dönüb otaqdan çıxdı. Qətibə məktubu açıb oxudu. Qızıl Arslanın nə Bağdad, nə də Həmədanla hesablaşmadığını və Azərbaycanı özü bildiyi kimi idarə etdiyini oxuyub hönkür-hönkür ağladı, çıldırmaq, qışqırmaq dərəcəsinə gəldi. Qəlbi tam bir sürətlə çırpınırdı. Ürək çırpıntısının qeyri-adiliyi zərif və ağ döşlərində nazlanan qulaqların rahatını pozmadı. Atabəy oyanıb sərxoş gözlərilə Qətibəyə baxdı. O, Qətibədə yenə bir gənclik şəhvətinin coşmaq istədiyini hiss edərək, gənc qadının şəhvətinə təkan vermək istədi və yaşlı Atabəy dodaqlarını bir çocuq kimi Qətibənin döşlərinə söykədi. Sonra qalxıb gərnəşdi, gözlərini ovub yuxunun tozunu göz bəbəklərindən sildi və diqqətlə Qətibənin üzünə baxaraq: – Gözəl Qətibə, bu nə vaxtın ağlamağıdır? – deyə soruşdu. Qətibə ağlaya-ağlaya Atabəyə sual verdi: – Sən indiyə qədər bir həqiqəti mənə aydın etmədin. – Hansı həqiqəti? – Mən bilmirəm bu məmləkətin hakimi sənmisən, Qızıl Arslanmıdır? Atabəy Qətibənin bu sualından nə demək istədiyini dərhal anladı. Qətibə səhv etmişdi, çünki sərxoşluğun xumarlıq dəqiqələrini keçirən hökmdara bu cür sualı vermək böyük bir cəsarət idi. Atabəy Məhəmməd Şimali Azərbaycanın vəziyyətindən xəbərsiz deyildi. Qızıl Arslan vəziyyəti ona öz vaxtında xəbər vermişdi. O, Şirvan şahı ilə Qızıl Arslan arasında başlanan müzakirənin əsasından xəbərdar idi. Şirvan vəliəhdinin Təbrizdə qonaq adı ilə girov saxlandığını da bilirdi. Qızıl Arslan Şirvanda həbsə alınanların siyahısını çoxdan əldə edib Atabəy Məhəmmədə göndərmişdi. Bu işdə Əmir İnancın nə qədər xain və ikiüzlü bir siyasət apardığını və başını saxlamaq üçün bir məmləkətin və xalqın mənafeyini satdığını Qızıl Arslan Atabəyə yazıb bildirmişdi. Buna görə də Atabəy Məhəmməd Qətibənin verdiyi suala cavab verərək dedi: – Qətibə bilməlidir ki, bu məmləkətin sahibləri Eldəniz oğlanlarıdır. Bunlar da məmləkətin yaşdan quruya qədər hər nə işi varsa həll etməlidirlər. Başqaları isə bunların tikmələri, əlaltıları və rəiyyətləridir. Qətibə özünü düzəldib bir sual daha verdi: – Bəs mən nəçiyəm?! – Qadınımsan, möhtərəmimsən, səni sevib almışam, lakin sənə evlənməklə bir məmləkəti ərə verə bilmərəm. Məmləkətin şərikisən, xalqımın, məmləkətimin xoşbəxtliyi üçün göstərdiyin tədbirləri mən də, Qızıl Arslan da təqdir edəcəyik. Eyni zamanda bilməlisən ki, Azərbaycanda yeganə bir xanədan vardır ki, o da Eldəniz xanədanıdır. Sənin oğlun da bu xanədanın övladıdır. Lakin bu məmləkətdə Əmir İnanc xanədanı adında bir xanədan yoxdur. Sənin atan kimi mənim məmləkətimdə minlərcə hakimlər vardır. Onun yüksəkliyi orasındadır ki, Qətibənin atasıdır. Hərgah o da atabəylik xəyalına düşərsə, mən Atabəy onu da Rey hakimi İnanc kimi məhv edərəm. İndi nə sualın vardır? Qətibə başına hərəkət verərək aldanmış qadınlar kimi dedi: – Mən tək deyiləm. Bədbəxt qadınların hamısı öz taleyində aldanır. Çünki biz adamları içərisindən yox, dışarısından yoxlayırıq. Kişilər isə ikinci simalarını qızlara evlənəndən sonra dışarı çıxarırlar. Hərgah mən məmləkətin şərikiyəmsə, Atabəyə deyirəm ki, onun qardaşının Azərbaycanda apardığı siyasət doğru bir siyasət deyil. Onun Şirvan şahı ilə başladığı oyun Azərbaycanın gələcəyi üçün qorxuludur. Qızıl Arslanın Şirvan həbsxanasından buraxdığı adamlar əqidə və fikir cəhətcə yalnız Şirvan və Azərbaycan hökmdarları üçün deyil, ümumiyyətlə hökmdarlar əleyhinə işləyən adamlardır. Atabəy yenə də Qətibəyə etiraz edərək dedi: – Qızıl Arslan çox ağıllı iş görmüşdür. Qızıl Arslan görən tədbirlərin düşmənləri, mənim rəiyyətlərimin düşmənidir. Lakin sən Qətibə, təşəkkür etməlisən ki, Qızıl Arslan indiyə qədər sənin atanın bu qədər açıq xəyanətlərini nəzərə almayaraq, hökumət başında qoymuşdur. Sən ağlını başına yığ, yaxşı bir düşün, bu qədər hörmətsizlik nəticəsində Qızıl Arslan sənin atanı tutub boğazından asdırarsa, kimin danışmağa ixtiyarı vardır? Kim bunun üçün Qızıl Arslanı cəzalandıra bilər?! Hərgah sən özünü bu məmləkətin qanunu mələkəsi hesab edirsənsə, atanın adını çəkməkdən utanmalısan, çünki onun məmləkətə etdiyi xəyanətləri heç bir kimsə edə bilməz. Sənin atan Azərbaycan xalqının dərisini soğan kimi soymuşdur. Lakin bunların hamısı ilə bərabər Qızıl Arslan sənin hörmətini nəzərə alaraq onu öz yerindən tərpətmir. Amma bu da bizim tərəfimizdən xalqa qarşı bir xəyanətdir, çünki biz milyonlarca xalqı, bir nəfərin kef-mayişəsinə tapşırmışıq. Mən, yainki Qızıl Arslan bir həftə himayət nəzərimizi sənin atanın üstündən çəkərsək, azərbaycanlılar onu gəldiyi yerə qədər qovar. Zənnimcə, bu qədər kifayətdir. O çox qocadır, artıq o həyatda öz vəzifəsini bitirmişdir. Ona daimi bir rahatlıq lazımdır. Məmləkətin gözəl bir tərəfində ona malikanə verəcəyəm, böyük və təminedici maaş təxsis edəcəyəm. Hərgah Bağdadda yaşamaq istəyirsə, onun üçün şahanə bir saray düzəldilməsinə əmr edəcəyəm, zənnimcə, bu qədər kifayətdir. Qətibə atasının Gəncə hökumətindən götürüləcəyini eşidərkən hər şeyi unutdu, atasının göndərdiyi məktubu bir kərə xatırından çıxarıb ağladı və Atabəyin əlindən tutub yalvarıcı bir halda dedi: – Rica edirəm, mənim qoca atamın qəlbinə toxunmayın, qoyun istədiyi qədər apardığı vəzifəsində yaşasın. Hərgah atamın özü istirahətə çəkilməyi arzu edərsə, o zaman yerinə başqasını təyin edərsiniz. – Onun hərəkətləri özünə qarşı böyük bədbəxtlik hazırlığıdır. Onu bilirsənmi?! – Atabəy Qətibəyə acıqlanmışdı. Ayağa qalxıb otağı səbirsizliklə dolaşırdı. Qətibə isə atasının vəziyyətini fikirləşərək gözünün suyunu sıxırdı. Qətibə nə qədər yalvarırdısa, atasının öz yerində qalması üçün razılıq almaq istəyirdisə, yenə də Atabəy razılıq cavabı vermirdi. Səba xanım bu söhbətlərin hamısını qapının dalısından eşidirdi. O, vəziyyəti dərhal hiss etdi, barışılmaz vəziyyəti təyin edərkən dərhal Qətibənin oğlu Qütlüğün otağına yüyürdü. Daima Qətibə ilə Atabəy barışmaz vəziyyət aldığı zaman Səba xanım Qütlüğü onların otağına buraxırdı, çünki Atabəyin uşağı sevdiyini bilirdi. Qütlüğ pərdəni qaldırıb otağa girdi, girən kimi də yüyürüb Atabəyin boynuna sarılıb onu öpdüyü zaman Atabəy də Qətibəyə tərəf dönərək: – Razıyam, Qətibə, – dedi. * * * Üsyan Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı. Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi. Yavaş-yavaş həbslər başlanırdı. Həbs xəbərləri Gəncədə böyük həyəcana səbəb oldu. Xalq üsyana qalxmaq və Əmiri Gəncədən qovmaq üçün küçədə və bazarlarda açıq-açığına danışırdı. Nizami Fəxrəddinin öz yoldaşları ilə bərabər xalqı Əmirin əleyhinə qaldırmaq istədiyini eşidərək, onları öz yanına çağırıb nəsihət verdi və dedi: – Məsələ yalnız Əmir İnancı buradan rədd etməyin başındadırsa, bunun üçün heç bir üsyan lazım deyildir. Biz xalqın tərəfindən Qızıl Arslanın yanına bir heyət göndərib xalqın iradəsini ona bildirərik. Mən bilirəm ki, Qızıl Arslanın özü də Əmir İnancın burada qalmasından razı deyildir. Hərgah Qızıl Arslan bu təklifi rədd edərsə, o zaman üsyan etməyə haqqımız vardır. Fəxrəddin bu fikirlə razılaşmadı və dedi: – Biz göndərdiyimiz heyət Gəncədən Təbrizə gedib qayıdana qədər Əmir İnanc Aran xalqının yarısını, hətta səni və məni də həbsxanaya salar. – Onda biz Təbrizə heyət göndərməklə bərabər Əmir İnanca da məktub göndərib həbslərin dayandırılmasını təklif edərik. – O buna inanarmı? – İnanmazsa, biz ona, evinə heç bir hücum edilməsi üçün təminat verərik. Nizaminin bu fikri ilə hamı razılaşdı. Əmir İnanca göndəriləcək məktub yazıldı. “Həşəmətli Əmir! Xəlifənin ölüm xəbəri ilə əlaqədar olaraq Aran ölkəsində buraxılan şayiələr tamamilə əsassızdır. Gəncə xalqının heç bir zaman Əmirin evinə hücum etmək fikri yoxdur. Üsyan təşkilatında iştirak etmələri bəhanə edilərək həbsə alınanların heç bir təqsiri yoxdur. İxtilafı böyütməmək üçün həbsləri dayandırmaq və həbs edilənləri azad etməyiniz məsləhətdir. Gəncəyə yığışan xalqın tələblərini ödəmək heç bir zaman həşəmətli Əmirin şərəfini azaltmaz. Siz beş-on nəfər mülkədarın qəsb etdiyi torpaqları alıb sahiblərinə qaytarmaqla minlərcə qəlbi öz lehinizə çevirə bilərsiniz. Sizin üçün şəhərlərdən zülmkar və soyğunçu hakimləri götürüb yerlərinə insaflı, rəiyyətpərvər adamlardan təyin etmək heç də şərəfsizlik deyildir. Siz əlahəzrət Atabəyin qayınatası olduğunuz üçün məmləkətdə üsyan və ixtişaş çıxarılmasına imkan verməməlisiniz. Sizin hər tərəfdən Gəncəyə qoşun yığmağınız xalqın ruhundakı şübhələri daha da artırar və bu şübhələr bir üsyanla nəticələnmiş olar. Buna görə də həşəmətli Əmirdən rica olunur ki, Gəncəyə yığdığı qoşunların yerlərinə qayıtmasına əmr versin. Bunun müqabilində də biz Əmirin malının, canının, övladının və sarayının toxunulmazlığını təmin edirik. Aşağıda imza qoyanlar öz başlarilə bu təminata məsuldurlar”. Yazılan məktuba iyirmi nəfər imza atıb möhürünü basdı və məktub bir nəfər nümayəndə ilə Əmir İnanca göndərildi. Hər kəs Əmirin bu təminata inanaraq fitnədən-fəsaddan əl götürəcəyinə inanırdı. Lakin bütün bu fikirlər boşa çıxdı. Məktub aparan nümayəndənin sarayda həbs olunaraq boynu vurulduğu xəbəri eşidildi. Hətta məktuba imza qoyanlardan bir neçəsi də həbsə alındı. Əksinə olaraq, məktub yazılandan sonra Əmir öz ədavət və qəzəbini bir daha artırdı, əlinə keçəni, hər kəs olursa olsun, sarayda başını kəsdirməyə və saray zirzəmilərində boğdurmağa və zəhərli şərbət içirməyə başladı. Qoşun gəlməsi davam edirdi. Əhali böyük bir qorxu qarşısında idi. Fəxrəddin öz yoldaşları ilə bərabər Gəncədən çıxıb Ağsivan çayı ilə Yam arasında olan keçidləri möhkəmlətmək və Tiflisdən Gəncəyə kömək gəlməsinə imkan verməmək üçün çalışırdı. Fəxrəddinin başqa bir dəstəsi Seyid Əlaəddinin rəhbərliyi altında Şirvan hüdudlarını kəsib Əmir İnancın köməyinə gələnlərə mane olmaq üçün hazırlıq aparırdı. Fəxrəddinin Şimali Azərbaycan şəhərlərinə göndərdiyi sifarişlərdən on gün sonra Bazarcuq və Xorsunəng kəndlərinin arasında minlərcə silahlı və atlı gənc yığılmışdı. Gəncə ilə Şirvan və Gürcüstanın əlaqəsi kəsiləndən sonra Əmir İnanc vəziyyətin ağır olduğunu dərhal anladı və vəziri Toxtamışın məsləhətinə görə Gəncənin ziyalı və əyanlarını girov götürüb saxlamağa qərar verib, Fəxrəddinə bu məzmunda bir məktub göndərməyi qərara aldı: “Gəncəyə hücum etdiyin zaman girov götürdüyüm adamların hamısını məhv etdirəcəyəm”. Lakin bu məktubu göndərmək mümkün olmadı. Gecədən bir neçə saat keçmiş Fəxrəddinin dəstələri üç tərəfdən şəhərə hücum etdi. Səhər açılıncaya qədər Gəncə altında qanlı müharibə davam edirdi. Günəş Xanəgah kəndinin bağçaları dalından üzünü göstərdiyi zaman qalibiyyət də üsyançı dəstələrin üzünə gülməyə başladı. Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdi. Atların dırnaqları gül dəstələrinin üzərində oynayır və Əmir İnanc adamlarının meyitləri üzərindən keçib irəli yüyürürdü. Küçələrdə gedən müharibə axşamın qaranlığına qədər davam etdi. Gecədən bir saat keçəndə dəstələr Əmirin sarayını mühasirəyə aldılar. Lakin sarayın içərisinə girmək mümkün deyildi. Çünki Əmir bir aydan bəri sarayı bərkidib alınmaz bir qala halına gətirmişdi. Əmirin adamları üsyanın üçüncü günü də axşama qədər vuruşdular. Saraydan atılan oxlardan bir çoxları yaralanıb öldü. Nəhayət, qaranlıq düşərkən Əmir özünə ətrafdan kömək gəlmədiyini görüb qələbədən ümidin kəsdi. Lakin vəziri Toxtamış: – Hələlik sarayda bir neçə həftəlik azuqə vardır. Nə üçün təslim olursan? Bərzənd, Bacərəvan və sair şəhərlərə xəbər vermək lazımdır. O tərəflərdən, şübhəsiz ki, bizə kömək göndərərlər, – deyə Əmiri müqavimət göstərməyə məcbur etdi. Əmir iki gün daha müqavimət göstərdi. Altıncı gün üsyançılar Əmirin bağça divarlarından birisini söküb içəri girdilər. Müharibə bağçanın içində gedirdi. Vəziyyət qorxulu və ciddi bir şəkil alınca Nizami Fəxrəddinə sifariş göndərdi: “Rica edirəm xalqını intizama çağır. Qadınlara toxunulmasın, dövlətə məxsus varidata əl vurulmasın, təslim olanlara aman verilsin. Müqavimət göstərməyənlər üzərində silah işlədilməsin. Qulamlara, kənizlərə və cariyələrə mərhəmət göstərilsin. Əmirin özünü və ailəsini həbsə almaqla kifayətlənin. Bacardıqca üsyanın qarətçiliyə çevrilməməsinə çalışın, tək-tək adamların intiqam almaq fikirlərinə imkan verməyin. Hər yol ilə olursa olsun Əmir sarayına tökülmüş xalq malının müəyyən bir dəstənin əlinə deyil, ümumi xalqa yetişməsi üçün imkan yaradın. Mühakiməsiz bir nəfərin də burnunu qanatmayın. Qoyun saraydakıları xalqın özü yığılıb mühakimə etsin. Əmirin qadını və kiçik qızını mühafizə edin, rüsvayçılığa yol verməyin”. Fəxrəddin Nizamidən aldığı sifarişi tamamilə təqdir etdi və bunu öz adamlarına anlatdı. Lakin sifarişləri həyata keçirmək məsələsi saraya girildiyi zaman çətinləşdi. Fəxrəddin əlində qılınc Əmir hərəmxanasının dəhlizinə girdiyi zaman xacə Müfidin yenə də dəhlizdə boynunu çiyninə qoyub gəzdiyini gördü. Xacə Müfid Fəxrəddini görərkən salam verdi, o qorxusundan əsirdi. Fəxrəddin ondan soruşdu: – Nə üçün qorxursan?.. De görüm, həbsə alınanlar haradadır? Xacə Müfid qabağa düşüb Fəxrəddini Əmirin zirzəmisinə gətirdi və: – Məhbuslar buradadır, oğlum, – dedikdə Fəxrəddin qapını açıb içəri baxdı. İnsan meyitlərinin qoxusundan insanın ruhu, beyni zəhərlənirdi. Zirzəmidə bir nəfər də olsa diri insan yox idi, həbsə alınanların hamısı öldürülmüşdü. Fəxrəddin qayıtdı, özü ilə bərabər on nəfər götürüb, saray dəhlizinə daxil oldu, qapıda adamlar qoyub heç kimsənin içəri buraxılmamasına əmr verdi. Xacə Müfid qabaqda gedirdi. O, kiçik bir qapıya yetişirkən: – Vəzir buradadır, – dedi. Fəxrəddin iki nəfərlə bərabər içəri girdi, Toxtamışın yaxasından tutub adamlarına tapşırdı: – Həbsxanaya! Xacə Müfid başqa bir otağı göstərib: – Əmirin özü bu otaqdadır, – deyib boynunu çiyninə qoydu. Bir azdan sonra Əmir öz adamları ilə bərabər qolları bağlanmış bir halda həbsxanaya göndərildi. Hərəm otağına kimsə daxil olmadı. Fəxrəddinin əmri ilə xacə Müfid içəri daxil olub Əmirin qadını Safiyə xatuna baş əydi və: – Xanımı Fəxrəddin dəhlizdə gözləyir, – dedi. Bir azdan sonra Safiyə xatun qucağında kiçik bir qız uşağı otaqdan dışarı çıxdı. Qadın qorxusundan titrəyir və ağlayırdı. Fəxrəddin onun həyəcanını təskin etmək üçün tez-tez deyirdi: – Qorxmayın. Nə etmək olar? Bu hadisəyə ərinizin özü səbəb oldu. Safiyə xatun yalvarıcı bir səslə: – Rica edirəm, bizi Nizaminin mərhəmətinə tapşırın. O, mərhəmətlidir. O bizi ölümdən və təcavüzdən saxlar, – deyirdi. Fəxrəddin onları mühafizə etmək üçün öz yaxın adamlarına tapşırıb – böyük şair Nizaminin evinə aparın, – dedi. Üsyançı xalqı sakit etmək mümkün deyildi. Mülkü əlindən alınan, oğlu, qardaşı öldürülən və qızları alınıb Bağdada göndərilənlər bir ağızdan cəza tələb edirdilər. Əmirin sarayındakı beş yüz nəfərdən ibarət cariyə, kəniz və xidmətçini bir yerə yığıb məscidə doldurdular. Saraydan hökumətə məxsus olan şeylər və vəsiqələr vaxt ikən köçürüldü, ondan sonra saray xalqın ixtiyarına buraxıldı. Kənizlərin və qarovulların əlinə azadlıq kağızları verilib buraxıldı. Cariyələrin hamısına evlərinə və ailələrinə qayıtmaq üçün yol xərci verilib yola salındı. Üsyandan bir həftə keçmiş Əmirin vəziri Toxtamışı edam etmək üçün Məlikşah meydanında dar ağacı qurulmuşdu. Minlərcə adamın gözü qarşısında Toxtamışı dar ağacının altına gətirdilər. Fəxrəddin bir səkinin üstünə çıxıb meydana yığılan xalqa müraciət edib dedi: – Aran xalqı! Nəhayət, intiqam almaq növbəti, illərdən bəri əzilənlərin, həqarətlər və işgəncələr görənlərin əlinə yetişmişdir. Həmin bu dar ağacında asılacaq zat qırx ildən bəri bizim minlərcə günahsız qardaşlarımızı və əziz vətəndaşlarımızı dar ağacına çəkmişdir. Din və şəriət pərdəsi altında işləyən bu dinsizlər, xəlifə, Allah və peyğəmbərlər adından danışaraq pula, mala, var və dövlətə, insan zəhmətinin bol-bol istismarına qənaət etmədilər. Hər şeyi aldılar. Kişiləri dar ağacının altına, qadın və qızlarımızı isə hərəmxanalara götürdülər. Şəbran, Beləqan, Bərzənd, Kəştasəfi qızları Bağdad xəlifələrinin sarayına hədiyyə göndərildi. Xalqın əziz və gözəl qızlarını qoyun sürüsü kimi saraylara sürüb bir-birlərinə bağışladılar. Bu gün Əmirin sarayında olan minlərcə qızlar, kənizlər, cariyələr, xidmətçi qadınlar azad edilmişdir. Hazırda Əmir İnancın yaxası bizim əlimizə keçmiş, ondan Bağdada göndərilən qızları tələb edirik. Bu gün zalimlərdən haqq-hesab çəkməyə səlahiyyətimiz vardır. Biz heç kəsdən qorxmuruq. Qoy bu intiqam üçün bizi cəzalandırmaq istəyən atabəylər də öz qoşununu götürüb bizim üstümüzə gəlsin. Biz azərbaycanlılar yabançıların istilasına qarşı apardığımız mübarizədə çox düşməni əzmişik. Bu mübarizə və üsyan davam edəcəkdir. Azərbaycanlılar, indi işə başlamalısınız! Fəxrəddinin bu sözündən sonra Toxtamışı dar ağacına qaldırdılar. Lakin əhali sakit olmamışdı. Onlar "Əmir, Əmir!" – deyə qışqırırdı. Həyəcana gəlmiş xalqın qarşısını almaq mümkün olmadı. Adamlar həbsxanaya hücum etdilər. Yarım saatdan sonra Əmirin bədəni də Toxtamışın yanından asılmışdı. Gəncə xətibi və Gəncə qazisinin evləri qarət edildiyi zaman onların evlərindən hər cür musiqi alətləri, şərab ilə dolu küplər, kasalar və piyalələr çıxırdı. Gəncə camaatı bunları gördüyü zaman vaxtilə şairə Məhsəti xanımı çalıb-oxumaq üstündə Gəncədən sürgün etdirən qaziyə və xətibə lənət oxudular. Gizli vəsiqələr yoxlandığı zaman bir çox mühüm və gizli məktubla bərabər, xəlifənin Əmir İnanca göndərdiyi bir neçə məktub da tapıldı. Azərbaycanın vəziyyətinə dair yazılmış məktubların birisində xəlifə Əmir İnanca belə bir göstəriş verirdi: “Əhalisi ərəb olmayan məmləkətlərdə xəlifə nüfuzunu bərpa etmək üçün silah işlətmənin vaxtı keçmişdir. Belə məmləkətlərdə dinin nüfuzunu qaldırmaq, xəlifənin nüfuzunu müdafiə etmək deməkdir. Siz xəlifənin nüfuzdan düşməsi səbəblərini ancaq dinin nüfuzundan düşməsində aparmalısınız. Buna görə də çalışmalısınız ki, azərbaycanlılar ərəblərin onlara qəbul etdirdiyi dini geri qaytarmasın və başını dini hökmləri altından çəkib çıxarmasın. Tarixdən aldığımız təcrübələr göstərir ki, islam dini hələlik Azərbaycan xalqının milli xüsusiyyətlərini yeyib məhv edə bilməmişdir. Babəkin və sairlərin üsyanları göstərdi ki, azərbaycanlılar islam dininin qanunlarını həzm edə bilməzlər. Çalışmalısınız ki, xalq bu dinə yabançı və məcburi bir din kimi baxmasın. Siz əbəs yerə tək-tək ərəblərin Azərbaycanda yaşaya bilməsi üçün açıqdan-açığa ixtilaf çıxarırsınız. Bu çox sadə və faydasız bir mübarizədir. Onu bilməlisiniz ki, dini olduğu kimi saxlamaq ərəbi bütünlüklə saxlamaq kimidir. Məktubda Məhsəti xanım kimi şairənin köçürüldüyünü yazırsan. Bu mübarizə deyil, siz yalnız çalışaraq Məhsətiləri yaradan mühiti və şəraiti zəhərləyib məhv etməlisiniz. Yazdığınız məktublar göstərir ki, din, təriqət və məzhəb işləri ilə xalq o qədər də maraqlanmır. Buna görə də vaxtlarını şerə, musiqiyə və milli mədəniyyət işlərinin inkişafına sərf edirlər. Bunun üçün də mən keçən məktublarda sizə məsləhət görmüşdüm ki, ətrafdan din və təriqət alimlərini çağırıb dini mübahisələri xalqın arasına salın. Möcüzələr və xariqüladə hadisələr yaradılmasına çalışın. Bilmirəm nə üçün Şimali Azərbaycanın dağlıq hissələrində olan müridbazlığı inkişaf etdirmirsiniz... Müridbazlıq yalnız xalqın şüurunu din ətrafında bir yerə yığmaqla kifayətlənmir. Müridlərdən düzələn dəstələri lazım gəldiyi zaman silahlı qüvvə yerinə işlətmək mümkündür”. Əldə edilən məktubların içərisində başqa məktublar da var idi. O məktubların bəzisində xəlifə maddi yardım tələb edir, ipəklər, qumaşlar, xalçalar göndərilməsinə əmr verirdi. Məktubların birisində: “Sənə on nəfər qara qul göndərdim. Əvəzində ağ bənizli cariyələr göndərməlisən. Hazırda hədiyyə vermək üçün Bağdadda gözəl cariyələr çox azdır”, – deyilirdi. Məktubların birisində Qətibənin Qızıl Arslanla apardığı mübarizə və Qətibənin ona sui-qəsd hazırlamasına dair qısa cümlələr var idi. Məktubda Atabəy Məhəmmədin Şimali Azərbaycanda islahat aparmasına qarşı əngəl törədilməsi də tapşırılırdı. Üsyan qurtarandan sonra Əmirin zirzəmilərində olan meyitlər çıxarılıb kim olduqları yoxlandı. Meyitlər içərisində beş-altı nəfər üsyançı vardısa da, qalanların hamısı üsyan heç bir əlaqəsi olmayan adamlar idi. Çünki əmirin əlinə hər kəs düşmüşdüsə: “Aranlıdır, məhv etmək lazımdır” – deyə edam etdirmişdi. Ölənlərin içərisində tacirdən başlayaraq saraya şey daşıyan hamballara qədər var idi. Bunlardan əlavə, sarayın zirzəmilərində qırx ildən bəri harada məhv olduğu məlum olmayan bir çox üsyançıların və Əmirin sevmədiyi adamların sümükləri və nişanələri tapıldı. Qəbiristan şəkli almış zirzəmilərdə basdırılanların kimlər olduqlarını xacə Müfid bir-bir göstərirdi. Zirzəmiləri öyrənmək işi bir aydan artıq davam etdi. Hər kəs, Aranın hər yerindən xəbər tutanlar Gəncəyə gələrək öz ölülərinin sümüklərini axtarırdı. Xacə Müfid ancaq bu vəzifəni ifa etmək üçün ölümdən qurtardı. * * * Matəm Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi: – Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi. Atabəy Məhəmməd də buna etiraz edərək deyirdi: – Fikrində yanılırsan. Bu faciənin əsas səbəbi sənin öz atandır. Bunu mən çoxdan bəri sənə demişdim. Bu hadisə mütləq baş verəcəkdi. Aran və ümumiyyətlə Şimali Azərbaycan xalqında üsyan ruhunun əsası çox qədimdir. Mən birkərəlik buna nəhayət verəcəyəm, müqəssirləri cəzalandıracağam, ona əmin ola bilərsiniz. Nə etmək olar? Hadisələr ancaq insanlar üçündür. Xüsusən böyük adamlar ətrafında baş verən hadisələr onların öz böyüklükləri qədər böyük olur. Qətibə Atabəyin sözlərindən heç bir qənaət əldə edə bilmirdi. O, Qızıl Arslandan intiqam almaq və Fəxrəddinlə Nizamini məhv etdirmək üçün gecə-gündüz düşünürdü. Safiyə xatunla xırda qızı Taliə Həmədana gələndən sonra üsyanın nə cür başlandığını və kimlərin orada iştirak etdiyi məsələləri tamamilə aydınlaşdı. Safiyə xatun həm ərini, həm də Qızıl Arslanı təqsirləndirdi. O deyirdi ki: – Hərgah Qızıl Arslan istəsəydi, bu üsyanın qabağını ala bilərdi. Çünki bu üsyanın zəminəsi xəlifənin ölüm xəbəri çıxan gündən qoyulmuşdu. Bu qədər böyük bir üsyan bir günün içərisində düzəlməmişdi. Ay yarımdan bəri üsyançılar Gəncəyə yığışırdı. Fəxrəddin Aranın hər tərəfinə adamlar göndərir və öz dəstələrini düzəldirdi. Qızıl Arslan bu hadisəni bilməmiş deyildi. O istəsəydi, bir həftənin içərisində Cənubi Azərbaycandan Araz çayını keçib üsyanı boğa bilərdi. Atabəy Safiyə xatuna sual verdi: – Əmir bu vəziyyət haqqında Qızıl Arslana xəbər verdimi? – Xeyr, bizim heç bir vaxt Təbrizlə əlaqəmiz olmamışdı. Ancaq iki nəfər qasidi təcili məktubla Həmədana göndərmişdik. Onların ikisini də yolda tutub məktublarını əllərindən almışdılar. – Faciəni həmin bu nöqtə qoymuşdur. Mən bunu bilirdim. Sizin rəhmətlik ərinizə Təbrizi tanıması üçün bir neçə kərə məsləhət görmüşdüm. Böyük bir xoşbəxtlikdir ki, Safiyə xatun və bu uşaq ölümdən xilas olmuşdur. – Biz bu barədə Nizamiyə minnətdar olmalıyıq. Bizi mühafizə edən və evində yedirib saxlayan o şair oldu. Bunu biz özümüz Fəxrəddindən xahiş etdik, o da buna etiraz etmədi. Onun bu qədər alicənab bir zat olduğunu bilmirdim. Onun qadını bu yetim qızı öz oğlu Məhəmməd kimi sevirdi. Ərimin təqsirlərinə gəldikdə, çox böyük idi. Üsyana bir neçə gün qalmış üsyançılar Əmirə məktub göndərmişdilər. Onlar həbsə alınanların azad edilməsi şərtilə saray və saray xalqına əmniyyət verəcəklərini bildirmişdilər. Şübhəsiz ki, bu da Nizaminin təşəbbüsü ilə düzələn bir işi idi. Hərgah bu təklif qəbul edilsəydi, bizim hamımız Gəncədən salamat köçüb istədiyimiz şeyləri də özümüzlə bərabər çıxara bilərdik. Atabəy sürətlə bir sual verdi: – Nə üçün o təklifi qəbul etmədiniz? – Mümkün deyildi. Çünki bir ay müddətində həbs olunanların hamısını sarayda edam etmişdilər. Zirzəmilər insan meyitləri ilə dolu idi. Atabəy başına hərəkət verib: – Nə qədər böyük bir xəta! Məmləkət beləliklə idarə olunarmı?! Mən onları cəzalandıracağam, lakin bir üsyançı kimi yox, hökumət əmrlərinə qarşı itaətsizlik göstərənlər kimi. Atabəy Məhəmməd dərhal İraq və Fars ölkələrinə fərmanlar göndərib qoşun yığılmasına əmr verdi və eyni zamanda Qızıl Arslana da məktub yazıb göndərdi: “Əziz qardaşım! Mən belə zənn edirəm aranlılarla Əmir İnanc arasında mövcud olan ixtilafı qansız və üsyansız həll edə bilərdik. Lakin iş-işdən keçmişdir, məmləkəti başlı-başına buraxmaq olmaz. Dikbaşları öz yerində oturtmaq lazımdır. İraq, Fars və Rey qoşunları hər tərəfdən axıb Həmədana gəlir. Sən də Cənubi Azərbaycan qoşununu hazırlamalısan. Bu günlər Şimali Azərbaycan və Aran ölkəsinə qulaqburması vermək üçün Həmədandan böyük qoşunla hərəkət edəcəyəm”. Qızıl Arslan Atabəy Məhəmməddən bu qədər yersiz məktubu aldığı zaman kədərləndi. Məmləkətdə hədər qanlar töküləcəyini yəqin etdi. Buna görə də Atabəy Məhəmmədə təcili bir məktub yazdı: “Əlahəzrət! Göndərilən məktub əlahəzrətə səmimi qardaşlıq məhəbbəti bəsləyən bu həqiri qənaətləndirmədi. Mən elə bilirəm ki, Əmir İnancla aranlılar arasında mövcud olan ixtilafın mahiyyətini bilən hər bir kəs məni təqsirləndirməz. Vəziyyət barışılmaz bir şəkil almışdı. Məncə, yenə də vəziyyətin ağırlığına baxmayaraq hadisənin qarşısını almaq mümkün idi. Lakin Əmir İnancın mənə müraciət etməməsi, Təbriz hökumətini tanımaq istəməməsi, Həmədan şəhərinin isə uzaqda olması vəziyyəti dayandırmaq üçün mənə imkan vermədi. Ancaq əlahəzrətə ərz etmək istəyirəm ki, Aranda çıxan üsyan mərkəzi hökumətə qarşı düzəlmiş bir üsyan deyildi. O üsyan ancaq Əmir İnancın özünə və onun zalım olan və heç bir qanuna tabe olmayan nümayəndələrinə qarşı düzəlmişdi. Şimali azərbaycanlılara qulaqburması üçün əlahəzrətin qoşun yığması tamamilə yersizdir. Bu səfər hər iki tərəfdən böyük qanlar tökülməsinə səbəb ola bilər. Şəxsən mən, bir Azərbaycan hökmdarı olmaq sifətilə bu səfərdə iştirak etməyəcəyəm. Nə üçün və kimlərə qulaqburması verək?! Kimlərdən ötrü? Əcəba, bu üsyanın səbəbini xalqda aramağa haqqımız vardırmı?! Bu məktubla bərabər Gəncə xalqı tərəfindən göndərilmiş məktubu məlumat üçün əlahəzrətə göndərirəm”. Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu alıb acıqlandı, onun üsyançılar tərəfində durduğunu zənn etdi və Şimali Azərbaycan xalqı tərəfindən Qızıl Arslana göndərilən məktubu oxudu. “Əlahəzrət! Gəncədə baş verən hadisə ətrafında yaradılan şübhələri dağıtmaq üçün Gəncə xalqı əlahəzrətə məlum edir: Gəncədə və eləcə də Aranın başqa şəhərlərində başlanan üsyan mərkəzi hökumətin əleyhinə deyildir. Aran xalqı Əmir İnancın etdiyi xəyanətin barəsində əlahəzrətə bir necə kərə müraciət etmişdi. Lakin verilən ərizələrin heç birisinə cavab verilməmişdi. Buna görə də tənginə gəlmiş xalq öz qüvvətilə düşməni məhv etmək qərarına gəldi. Hazırda Aran məmləkətində tamamilə bir dinclik hökm sürməkdədir. Bütün xalq böyük bir intizarla əlahəzrət Qızıl Arslan tərəfindən məmləkətə adil bir hakim göndərilməsini gözləyir. Əmir İnanc sarayı qarət edildiyi vaxt hökumətə məxsus vəsiqələrin və qiymətli şeylərin heç birisinə əl vurulmamışdır. Bu da göstərir ki, üsyan hökumət əleyhinə deyil, müəyyən zalımların əleyhinə düzəlmişdi. Hər halda əmr, həzrət vəliyyül əmridir”. Atabəy bu məktubla da qənaətlənmədi. O, bu məktubun Qızıl Arslanın məsləhəti üzərinə aranlılar tərəfindən düzəldiyini zənn etdi və öz-özünə “üsyan edərək üzr istəyən rəiyyətin məhv olması lazımdır. Yerli hökumətə qarşı üsyan çıxaranlar mərkəzi hökumətin əleyhinə də üsyan qaldıra bilərlər” deyirdi. Qoşunlar hər tərəfdən Həmədana gəlirdi. Sarayda Atabəy Məhəmməd üçün səfər hazırlığı görülürdü. Yaxında ordu Azərbaycan tərəfinə hərəkət edəcək idi. * * * Sui-qəsd Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi. Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı: – Səni yalnız onu mənim yanıma dəvət etmək üçün göndərirəm. Onunla bir qadın kimi əlaqədə olmağına icazə vermirəm. Sən bu gündən öz xanımının xatirəsi üçün onun qadına olan ehtiras və iştahasını söndürməməlisən. Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram. Bunun üçün də səni mükafatlandıracağam. Oğlumun canına and içirəm, hərgah mənim tapşırığımın əleyhinə olaraq ona təslim olduğunu anlasam, nəinki sən bu sarayın üzünü görməyəcəksən, eyni zamanda səni diri qoymayacağam. Səba xanım üçün Qətibənin dediyi sözlərin heç birisi əhəmiyyətli deyildi. O heç də qorxmurdu. Çünki o, Qətibəni bir kərə deyil, yüz dəfələrlə aldatmışdı. Ona xoş gələn ancaq Qətibənin dediyi: “Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram. Bunun üçün də səni mükafatlandıracağam” sözləri idi. Bu sözlər onun qulağında nəşəli bir surətdə cingildəyirdi. O adəti üzrə Qətibəni öz sədaqətinə inandıraraq dedi: – Xanım çox yaxşı bilir ki, mənim üçün anamın qəbri hər müqəddəsdən müqəddəsdir. Anamın qəbrinə and içirəm, dünyada kişi namına tək bir Hüsaməddin qalsa belə, xanımın icazəsi olmadan mən onun üzünə baxmaram. Nə olubdur ki?! Yəni mən elə bir alçaq qadın oldum ki, Hüsaməddin kimi adamlar istədiyi zaman məni özünə təslim edəcəkdir?! Əcəba, mən xanım üçün öz həyatımı qurban etməyə hazır olduğum zaman öz ehtirasımı ona fəda etməyi bacarmayacağammı?! Mən beş dəqiqəlik bir nəşədən ötrü əbədi səadəti itirəcək ağılsız bir qız deyiləm. Mələkə bir kərə bunu bilməlidir, mən belə qızam. Qətibə onun üzündən öpərək yüz qızıl bağışladı və sonra da: – Mən elə bir iş düşünürəm ki, sən də və mənim başqa dostlarım da hədsiz-hesabsız sərvət sahibi olacaqdır. İndi get Hüsaməddini mənim yanıma çağır. Səba xanım Hüsaməddini Qətibənin yanına çağırmaq üçün yola düşdüyü zaman həddindən artıq sevinir və ayağını hara qoyduğunu bilmirdi, çünki o, Qətibənin çox böyük bir macəraya hazırlandığını təyin edirdi. Səbanın özü də şəxsən macərasız yaşaya bilməzdi. Səba, Hüsaməddinin qapısında duran qarovula üzünü göstərən kimi qarovul onun Hüsaməddinin məşuqəsi olduğunu bilərək yol verdi. O, eyvana çıxıb Hüsaməddinin yazı otağının qapısını yavaşdan vurdu. Bir azdan sonra Hüsaməddin qapını açıb Səba xanımı gördü və onu içəri buraxdığı zaman: – Xoş gəldin mənim ruhum, – deyərək qollarını onun boynuna salmaq istərkən, Səba xanım təhqir olunmuş namuslu bir qadın kimi dala çəkilib dedi: – Səbirli ol. Sənin yanına gələn mələkənin möhtərəm və inanılmış cariyəsidir, bir nəfər küçə fahişəsi deyildir. Hüsaməddin geri çəkilərək əlini-əlinə çalıb güldü, yenə də irəli gəlib əlini Səba xanımın çiyninə qoyub dedi: – Əcəba, sən daima mənə ruhum deyərək boynuma sarılan Səba xanım deyilsənmi? – Bəli, mən həmin Səba xanımam, lakin sən bunu bilməlisən ki, gənc qızların ruhu daima bir nöqtə ətrafında fırlanmağı sevməz. Dünən səni öz təmiz ruhu şəklində görən və boynuna sarılan bir qız, bu gün səni görmək istəməzsə heç də darılmamalısan. Gözəllərin bir xasiyyəti də kişiləri sevgisinə bağlamaq, sonra da atmaq, yalvartmaq və qaçmaqdır. – Əcəba, biz bir ruh kimi bir-birimizə aşılandığımız zaman bu cür fəlsəfələri danışmışıqmı? – Danışmadan qovuşmağın özü də bir fəlsəfədir. Bu sirləri qoy bizim təbiətimiz həll etsin. Fəlsəfələrlə məşğul olaraq gözəlliyimi boş düşüncələr içərisində soldurmağa vaxtım yoxdur. Ancaq bunu deyə bilərəm ki, mələkə sizi hüzuruna dəvət edir. Səba xanım bunu deyərək otaqdan çıxmaq istədikdə Hüsaməddin təəccüblə baxaraq onu səslədi: – A qız, dayan, dur, bir məni eşit! Səba xanım çiyninin üstündən ona baxaraq cavab verdi: – Ağıllı qızlar hər bir şəhvətpərəst kişini yox, ancaq öz qəlbini eşitməlidir. Bu gün mənim heç kəsi eşitməyə vaxtım yoxdur. Qulağım təzə söz eşitmək və gözüm isə yeni çöhrə görmək istəyir. Hüsaməddin Səba xanımda baş vermiş bu ani dönüşə heç bir səbəb görə bilmirdi. Buna görə də onu qolları arasına alaraq öpmək istərkən Səba xanım da qoynundan kiçik bir şüşə zəhər çıxarıb: – Mən iradəmin xaricində olan hər bir işə ölüm kimi baxıram. Sən mənim diri qalmağımı istəyirsənsə özünü saxla. Mənim nifrətimə səbəb olan həqarətli işlərdən əl çək. Hüsaməddin təlaşla yalvarıb dedi: – Amandır, yalvarıram, zəhəri qoy yerinə, sən özünü zəhərləməklə məni də məhv edə bilərsən. De görüm, axır məndən nə kimi bir həqarət gördün? Olmaya mənim dilimdən sənə bir iyrənc sözmü dedilər?! Dünənə qədər sənin özün dəfələrlə: “Mən sənin üçün yaşayacağam, mən dünyada kişi namına ancaq səni tanıyıram” deyirdin, bu gün sənə nə oldu?! Gəl otur, mənim ruhum, bəlkə də səni kədərləndirən bir başqasıdır. Sən özgələrin acığını mənim üstümə tökmə. Sən bilirsən ki, mən Həmədanda sənin eşqinlə yaşamaqdayam. Məni bu qürbət vilayətdə bəndə vurub saxlayan sənin saçların deyilmi? Sən nə üçün mənim qətlimə fitva verirsən?! Sən mənim Səbasız yaşaya bilməyəcəyimi bilirsən ki... Səba xanım zəhəri döşlərinin arasına qoyduğu vaxt gülümsəyərək: – Get bu cür qəzəllərini kişiləri tanımayan ağılsız və təzə-təzə gözünü açan qızlara oxu. Məni aldada bilməzsən. Daha yetər, çünki qızlar həyat məktəbini aldana-aldana bitirir. Mən daha o məktəbi bitirmişəm, – dedikdə Hüsaməddin: – De görüm axı bu ani çəkilmənin səbəbi nədir? – Mən hər sənin kimi qadın düşkünlərinə öz qəlbimin açarını versəydim, Səba xanım ola bilməzdim. Onu bilirsən ki, dünyada səbəbsiz heç bir iş yoxdur, lakin hər kəs də səbəblər haqqında bir-birinə izahat verməyə borclu deyil. – Səba xanım, heç bir şey istəmirəm, yalnız o dodaqlarını bir kərə mənə uzat... – Dodaq ki var qəlbin qapısıdır. Hələlik o qapı sənin üzünə bağlıdır. Bildin ki... Daha dayana bilmərəm, hələlik! Səba xanım qapını örtüb çıxdı. Hüsaməddin nə edəcəyini bilmirdi. Bu dönüşə mühüm bir hadisənin səbəb olduğunu düşünür və rahatsız olurdu. Doğrudan da o, Səba xanıma vurulmuşdu. Doğrudan da onu Həmədanda bağlayıb saxlayan səbəblərin birisi də Səba xanıma olan eşqi idi... ...Səba xanım şad və razıqalıcı bir hərəkətlə Qətibənin otağına daxil oldu və: – Mələkənin tapşırdığı vəzifəni ifa etdim. İndi bu saatda o sizin hüzurunuza gələcəkdir. Mən onun qapısını örtüb dışarı çıxarkən o, başına vurub kürsünün üstündə oturdu. O məni bu gün gözləyirdi, axşamdan iki saat keçəndə onun yanına getməli idim. O böyük hazırlıq görmüşdü, lakin o məndə bu ani dönüşü gördüyü zaman dəli olmaq istəyirdi... Cariyə daxil olub Hüsaməddinin gəldiyini xəbər verdi. Səba xanım Qətibəyə təzim edərək otaqdan çıxdı. Hüsaməddin içəri girib salam verdikdə Qətibə onun üzünə diqqətdə baxaraq Səba xanımın özünə sadiq qalıb-qalmadığını yoxlamağa başladı. Hüsaməddinin boynunun damarları tez-tez atırdı. Vücudundakı qan sanki tamamilə gicgahlarında olan kiçik damarlara dolmuşdu. Gözlərinin ağındakı qırmızılıq artmış, göz bəbəkləri isə bulanıq bir şəkil almışdı. O nə qədər özünü ələ almaq istəsə də varlığını əhatə etmiş ehtirasın əlindən yaxasını qurtara bilmirdi: Qətibə Səba xanıma inandı və məhzun bir halda: – Otur, mənim səmimi dostum, – dedi. Hüsaməddin oturdu. Qətibə onun kefini xəbər alaraq soruşdu: – Bu gün sənə nə olmuşdur? Varlığında böyük kədər və həcəyan görürəm. Hüsaməddin məhrumiyyət qarşısında aciz qalanların vəziyyətinə düşərək danışdı: – Ah möhtəşəm mələkə, hansı günümə şadlanım?! Madam ki, mənim şadlıq və fərəh aldığım gözəl mələkə başından ayağına qədər qaralara bürünmüşdür, mən nə cür şad ola bilərəm?! Əcəba, mələkə elə bilir ki, Əmirin başına gətirilən facıə mənim xatirimdən çıxmışdırmı? Mələkə elə bilir onun gözlərinə baxdığım zaman qəlbindəki tükənməz matəm duyğularını oxumurammı? Qətibə ciddi bir vəziyyət alıb dedi: – İnanıram, mənim ruhum! Artıq bizim bir-birimizə bağlı olduğumuz müəyyəndir. Bu fikri heç bir zaman dəyişdirmək olmaz, çünki bu fikir bizim illərdən bəri davam etdirdiyimiz dostluğun məhsuludur. Rəhmətlik atamın səhvləri bizi bu qədər uzun bir müddətin ayrılığı və anlaşılmazlığı içərisində əzdi. Artıq atam yoxdur. Anam da ağlını itirmiş bir fələkətzadədir ki, güşənişinliyi sevir. İndi biz ikimiz qalmışıq. Bu saray da, saraydakılar da, hətta sarayın sahibi də bizə yabançıdır. İndi gərək biz bir-birimizin qeydinə qalaq. Sən elə bilirsən ki, mən sənin bu namüəyyən həyat içərisində gənc ikən qocaldığını görmürəm?! Lakin nə edə bilərəm? Sən elə düşünürsən ki, Qətibə öz sevdiyi adamla bir evdə, bir yaşayışda və bir donda yaşamağı istəmir?! Sən elə bilirsən ki, Atabəyi görmək və onu bir ər kimi tanımaq mənim üçün cəhənnəm əzabından çətin deyildir? Sən elə bilirsən ki, mən sevdiyim adamın qolları arasında nazlanmağı və həyatın mənəvi ləzzətlərini dadmağı istəmirəm?! Lakin nə edim, bir zamanda iki kişinin qadını olmaq namussuzluqdur. Gərək sənin özün də buna imkan verməyəsən. Hələ mən adi bir qadın olsaydım, bəlkə də belə bir xətaya imkan verə bilərdim. Halbuki mən bir məmləkətin məlikəsiyəm. Burada həm xalqın tənəsi, həm də Atabəyin qorxusu vardır. Nə qədər ki, Qızıl Arslan Atabəyin fikirlərinə hakimdir, bizim səadətimizin baş tuta biləcəyinə inanma. Qızıl Arslanla Atabəyin arasında ixtilaf çıxmazsa, o, Azərbaycan hökuməti başından götürülməzsə, bizim birləşməyimizə ümid bağlama. Sən Qətibənin varlığını mənimsəmək istəyirsənsə, bu barədə düşünməlisən. Həyata mən dediyim şəkli verə bilmədiyin zaman düşündüyümüz gözəl dünyaya qayıda bilməyəcəksən. Sənə səmimiyyətlə söz verirəm, Qətibə başqasını sevmir, səni Səba xanıma qısqandığım da bunun üçündür. Sən bir mələkəyə sahiblənmək istəyirsənsə, bu cariyədən əl çək, çünki belə hərəkət mənim üçün təhqirdir. Bu rəftarınla məni itirə də bilərsən. Hüsaməddin yenə də müqəddəslərə and içərək dedi: – Mənim qəlbimdə mələkənin sevgiləri doğduğu zamandan bəri, mələkəni təhqir edə biləcək heç bir fəna hərəkətdə bulunmamışam. Mələkənin hər bir əmri mənim üçün qanundur. Lakin Qızıl Arslanla Atabəyin arasında ixtilaf yaratmaq barəsində daha dərindən düşünmək lazımdır. Çünki hər kiçik bir ixtilaf nəticəsində Qızıl Arslan kimi bir hökmdarın Azərbaycan hökumətindən götürülməsini əldə etmək olmaz. Qətibə: – Elədir, dediklərin doğrudur, – dedi. – Dərindən düşünmək lazımdır. Lakin hazırkı fürsəti də əldən buraxmaq olmaz, çünki Atabəyin Azərbaycan səfərinə çıxması iki-üç günün işidir. Qətibə sakit dayanıb Hüsaməddinin cavabını gözlədi. Hüsaməddin düşünürdü, kifayətverici və Qətibəni qane edici bir cavab tapa bilmirdi. Nəhayət, Qətibə sükutu pozub onu çətinlikdən qurtarmaq üçün dedi: – Mən sənin çətinlik çəkdiyini hiss edirəm, buna görə də sənə tapşırmaq istədiyim vəzifələr barəsində izahat vermək istəyirəm. Atabəy Məhəmməd öz ordusu ilə Şimali Azərbaycana gedir. Sən özün də bilirsən ki, Qızıl Arslan bu səfərdən razı deyil, orada iştirak etmək istəməyəcəkdir. Bu xırda ixtilafı böyüdə bilsək, bütün məqsədlərimiz ələ gəlmiş olacaqdır. İxtilafı böyüdüb barışmaz bir şəklə salmaq üçün, yeganə bir çarə vardır ki, o da Qızıl Arslan tərəfindən Atabəyə qarşı suiqəsd hazırlamaqdan ibarətdir. Hüsaməddin bu sözü eşidəndə qorxusundan oturduğu yerdən qalxdı: – Əcəba biz Atabəyi öldürməliyikmi?! – deyə soruşduqda, Qətibə cavabında dedi: – Burada qorxulu bir məsələ yoxdur. Vaxtı gəlirsə, bu ölümün barəsində də düşünməliyik. Lakin hələlik bir sui-qəsd hazırlamalı və bunu da Qızıl Arslanın ünvanına bağlamalıyıq. Ancaq bu sui-qəsdi ustalıqla başa çatdırsaq, Atabəy Məhəmməd öz qardaşının düşmənliyinə inana bilər. Buna görə də mən Atabəyin səni öz yanında Azərbaycana aparmasına zəmində hazırlamışam. Sən heç də qorxma, səfər zamanı, xüsusən müharibə vaxtı mənim sənə tapşırdığım vəzifələri həyata keçirmək heç bir çətinlik istəmir. İkinci vəzifə, mənim atamın qatillərini cəzalarına çatdırmaqdan ibarətdir. Sən Fəxrəddinin başını mənə gətirəndən sonra artıq Atabəy Məhəmmədin sağlığında belə Qətibəni öz qollarının arasında görəcəksən. Çünki mən ancaq atamın qatilinin başını görəndən sonra yasdan çıxa biləcəyəm. Hüsaməddinin şadlığından vücudu titrədi, o, dəli kimi sözə başladı və: – Mələkə buna and içməlidir, – dedikdə, Qətibə də: – Oğlum Qütlüğün canına and içirəm. İnandın ki?! – İnandım, mənim ruhum! İnandım. Mələkənin dediklərini öz həyatımın qiymətinə olsa da yerinə yetirəcəyəm. Mən Fəxrəddindən əskik qəhrəman deyiləm. Çoxdan bəri mən onunla qarşı-qarşıya gəlmək istəyirdim. Qətibə yerindən qalxıb Hüsaməddinin yanına gəldi və əlini onun əlinə uzadıb dedi: – Demək ki, biz danışıb razılaşdıq. Hüsaməddinin vücudu əsirdi, ehtiras onu tamamilə özlüyündən uzaqlaşdırmışdı. Qətibə öz fikirlərini onun qəlbində möhürləmək və onun heyvani düşüncələrinə uzun bir ömür vermək üçün dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddin onun dodaqlarını güclə buraxdığı zaman bu sözləri eşitdi: – Mənim sevimli dostum, dalısı sonra. * * * Hücum Atabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu. Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər. Aranlılar tərəfindən Qızıl Arslana yazılan uzun məktubun qısa məzmunu bundan ibarət idi: “Həşəmətli hökmdar! Atabəy Məhəmmədin Şimali Azərbaycana böyük bir ordu gətirməsi xalqın həyəcanına səbəb olmuşdur. Şimali azərbaycanlılar ikinci kərə əlahəzrətlərə bildirir ki, hazırda hökumətə qarşı məmləkətdə heç bir üsyan yoxdur. Əlahəzrətlər məmləkətə adil və iş bilən bir hökmdar göndərərsə, məmləkətin mərkəzlə olan əlaqəsi əvvəlkindən daha artıq möhkəm olacaqdır. Böyük bir ordunu məmləkətə gətirmək, xüsusən əkin və biçin zamanı xalqın tarlalarını basdırmaq, məmləkəti böyük bir aclıq fəlakətinə sala bilər. Əlahəzrətlərin hər ikisinə məlumdur ki, Azərbaycan xalqının təbiəti bam-başqadır. Onlar heç bir zaman çətin vəziyyətin altından təslim və yalvarmaqla çıxmaq istəməzlər. Buna görə də əlahəzrətlər Azərbaycanda qan tökülməsinə razı olmasınlar”. Qızıl Arslan bu məktubu aldığı zaman Atabəy Məhəmmədin ordusu Təbrizin səkkiz verstlik məsafəsində olan Ucan və Seyidabad şəhərlərində yerləşmişdi. Atabəy ordusunun Ucan və Seyidabad tərəflərində yerləşməsi Qızıl Arslanın paytaxtını arxadan mühasirəyə almaq nümayişi demək idi. Buna görə də Qızıl Arslan “Təbriz istidir” – deyə Azərbaycan qoşunlarını Atabəy Məhəmmədin Şimali Azərbaycana girmək istədiyi kimi yolun ətrafına yerləşdirmişdi. Qızıl Arslanın on min nəfərdən ibarət atlı ordusu Səhənd dağının və Siyahuhun ətrafında və Mərənd ilə Xoy şəhərləri arasında yerləşmişdi. Bu qoşun Qızıl Arslanın qorxuya salacaq bir hadisə nəticəsində Atabəy Məhəmmədin Ziyaülmülk körpüsü vasitəsilə Araz çayından keçib Culfa və Naxçıvan şəhərlərini əldə etməsinə mane törədəcək idi. On mindən ibarət başqa bir ordu da Atabəy Məhəmməd ordusunun arxasına keçmək və onun qayıdacaq yollarını kəsməkdən ötrü Dehxarqan, Ərğan və Marağa mahallarında yerləşmişdi. Qızıl Arslanın böyük ordusu Atabəy Məhəmmədin Şimali Azərbaycanın Qarabağ ölkəsinə girə biləcəyi yolların arxasında idi. Bu yollar Araz çayının üstündəki Xudafərin körpüsünə gedəcək yollardan ibarət idi. Qızıl Arslanın bu ordusu Kuleybər və Əhər şəhərlərində dayanmışdı. Bunlar istədiyi zaman körpünü kəsəcək və Atabəy ordusunun gedib-gəlməsinə imkan verməyəcək idi. Qızıl Arslanın bu qədər böyük hazırlığına səbəb Atabəy Məhəmmədə inanmaması idi. Əvvələ o, Atabəy Məhəmmədin Qətibənin təsirinə düşməsindən şübhələnirdi. İkinci də, Atabəy Məhəmməd Gəncə üsyanının səbəblərini Qızıl Arslanın etinasızlığında görürdü. Atabəy Məhəmməd fürsət əldə etdiyi zaman qardaşı olduğuna baxmayaraq onu Azərbaycan hökumətindən götürər və bəlkə də onun gözlərinə mil çəkdirə bilərdi. Qızıl Arslan hazırlığını görüb, özünü təmin etdikdən sonra dörd minlik bir atlı ordu ilə Atabəy Məhəmmədi Gavəkan şəhərində istiqbal edib Təbrizə gətirmək üçün yola düşdü. * * * Atabəy Məhəmməd yenə də Qızıl Arslanın Şimali Azərbaycan haqqındakı fikirləri ilə hesablaşmadı, hətta Qızıl Arslan aranlıların son məktubunu ona göstərdiyi zaman Atabəy gülərək dedi: – Hüsaməddini min nəfər atlı ilə göndərərəm, Şimali Azərbaycanın altını üstünə çevirər. Sən ya azərbaycanlılardan qorxur və yainki məni qorxudursan. Yenə də deyirəm, sən istəsəydin, aranlılar bu cəsarəti etməzdilər. Əmir İnanc hər nə idi, biz bilirik. Lakin o mənim qayınatam idi. Həm də xəlifənin damadı idi. Üç günün içərisində Qarabağ ölkəsinə on min atlı tökə bilərdin. Görünür ki, mənim kiçik qardaşım müştərək iş yolundan boyun qaçırmaq istəyir. Buna görə də mən Şimali Azərbaycana türk dilində danışan bir nəfər də qoşun aparmayacağam, sən də bu səfərdə iştirak etməyəcəksən. Mən rəiyyətin dikbaşını sevmərəm. Qoy şimali azərbaycanlılar öz Fəxrəddin və Əlaəddinlərinə güvənsinlər. Onların hər birisinin qabağına minlərcə Fəxrəddin və Əlaəddinlər qoyacağam. İki gündən sonra Araz çayının Şimal tərəfini odlar, tüstülər, dumanlar və at dırnaqlarının altında qoyacağam. Qızıl Arslan etiraz edərək dedi: – Bu yaramaz, əlahəzrət. Azərbaycan xalqını qarət etmək, yandırıb və öldürmək üçün fars və ərəbləri yığıb gətirmək sənin ədalətinə yaraşmaz. Bunlar hər cəhətcə bizimdir. Biz bunlara arxalanıb hökmdarlıq edə bilərik. Mən şimali azərbaycanlıları müdafiə etmirəm. Lakin üsyan edən hər bir məmləkətə əvvəlcə üsyançıların verilməsi, zərərlərin ödənməsi və başqa-başqa tələblər vermək lazımdır. Hərgah onlar bu tələbləri rədd edərlərsə, Atabəy ordu və qoşun qüvvətilə iş görməyə haqlıdır. Lakin mən heç bir zaman gələcəkdə idarə edəcəyim məmləkətin qarət edilməsinə imkan verə bilmərəm. Qızıl Arslan son təklifi Atabəyə qəbul etdirə bildi. O, bu təklifin şimali azərbaycanlılar tərəfindən qəbul edilməyəcəyini, üsyançıların verilməyəcəyini yəqin edirdi. Lakin onun bu təşəbbüsü şimali azərbaycanlılara vaxt qazandırmaq üçün idi. Atabəy Məhəmməd mirzəsini çağırıb bu məzmunda bir məktub yazdırdı: “Azərbaycanlılar! Xanədanımızın nemət və mərhəmətini hökmdarlığımızın rəiyyətpərvərliyini nəzərə almayaraq əleyhimizə üsyan edənləri cəzalandırmaq üçün gələn ordum, hər iki tərəfdən Araz çayına yaxınlaşıbdır. Bunun üçün sizə aşağıdakı tələbləri verirəm: Birincisi – Üsyan başçılarını göndərilən siyahı üzrə həbsə alıb hüzuruma göndərəsiniz. İkincisi – Dağılan malları bir dinarına qədər bir yerə yığıb göndərməlisiniz. Üçüncüsü – Üsyan zamanında ölənlərin qan bahalarını verməlisiniz. Dördüncüsü – Əmirin sarayından aparılan sərvəti qaytarmalısınız. Beşincisi – Gətirdiyim ordunun bütün məsarifini ödəməlisiniz. Bu şərtlər qəbul edilmədiyi təqdirdə ordum Şimali Azərbaycanın daşını daş üstündə qoymayacaqdır. Bu şərtlərin qəbul edilməsi üçün sizə on gün möhlət verirəm”. Atabəy Məhəmmədin aranlılara verdiyi tələblərə müsbət cavab verilmədi. Məktubu aparan qasid cavabını gətirmişdi. Cavabda belə yazılırdı: “Əvvəla, üsyan başçılarını vermək mümkün deyildir. O zaman bütün Şimali Azərbaycan xalqını həbsə alıb Atabəyin hüzuruna göndərmək lazımdır. İkincisi – Əmirin sarayından aparılan mallar Əmirin özünə məxsus deyildi, xalqdan qamçı gücü ilə alınan mallar idi. Üçüncüsü – Üsyanda ölənlərin qan bahasını üsyana səbəb olanlar verməlidir. Dördüncüsü – Əmirin sarayından aparılan və hökumətə məxsus olan sərvətə əl vurulmamışdır, onu hər zaman Atabəyin hüzuruna təqdim edə bilərik. Beşincisi – Gətirdiyiniz ordunun məsarifini sizin ölən qayınatanız Əmirin malikanələrini satıb ödəməlisiniz. Çünki gətirdiyiniz ordunu onun intiqamını almaq üçün gətirirsiniz. Bundan başqa cavab ola bilməz. Atabəy həzrətləri nə məqsədlə Şimali Azərbaycana gəlirsə, biz də haman məqsədlə əlahəzrəti qarşılamağa hazırıq”. Atabəy Məhəmməd Şimali Azərbaycan xalqı tərəfindən göndərilən bu cavabı oxuduğu zaman başının tükləri qabardı. O, artıq şimali azərbaycanlıların qılınc və qüvvətə təslim olmaq istəmədiyini təyin etdi. O, tez-tez Qızıl Arslanın üzünə baxaraq: “Atabəy həzrətləri nə məqsədlə Şimali Azərbaycana gəlirsə, biz də haman məqsədlə əlahəzrəti qarşılamağa hazırıq” – deyirdi. Məktubu alan günün axşamı Atabəy Məhəmməd, Hüsaməddin və İbn-İddari yanına çağırıb əmr verdi: – Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. Ən əvvəl dörd min nəfər atlı ilə Hüsaməddin Xudafərin körpüsünü keçib bir an dayanmadan Qarabağa hücum etməlidir. İbn-İddar on min nəfərdən ibarət atlı qoşun ilə Sofiyan və Mərənd şəhərlərindən keçib Ziyaülmülk körpüsü vasitəsilə Naxçıvan və Culfa şəhərlərini işğal etməlidir. Silahla müqavimət göstərənləri qırıb ailələrini İrana köçürməlisiniz. Onların yerlərinə başqa yerin xalqını köçürəcəyəm. Düz və çörəyə etina etməməlisiniz, təslim yalnız qılınclar və oxlar vasitəsilə olmalıdır. Evlər, tarlalar və xırmanlar yandırılmalıdır. Yanan kəndlərin və tüstüləyən binaların içərisindən keçib Gəncəyə girməlisiniz. Üsyanda iştirak etməyən şəhərlərə və kəndlərə toxunmamlısınız. Təslim etdiyiniz yerlərdə hakimlər təyin edəndən sonra irəli hərəkət edərsiniz. Atabəy hər nə ki, lazım idi tapşırdı. Bu tapşırıq üzərinə ordu iki tərəfdən Araz çayını keçmək üçün hərəkət etdi. Qarabağ və Gəncə üzərinə hücum edən ordu Xudafərin körpüsünü keçəndən sonra bir an belə dayanmayaraq Aranın birinci şəhəri olan Bacərəvan şəhərinə doğru at sürürdü. Ordu yorulmuşdu. Aranda şiddətli quraqlıq keçdiyi üçün hər yanda susuzluq idi. Düzlər, dərələr yanırdı. Muğandan əsən isti və isitməli ruzigar Atabəyin qələbə və intiqam ümidləri ilə yürüyən ordusunu istiqbal edirdi. Bunsuz da Hüsaməddinin ordusu süni cəhənnəmlər yaradırdı. Araz kənarından başlayaraq Bacərəvan şəhərinə qədər ev-eşiyini, tarlasını, əkinini buraxıb çəkilən kəndlər, xırmanlar, əkinlər, evlər yandırılırdı. Hüsaməddinin atlıları Araz kənarından Bacərəvan şəhərinə qədər odlar, tüstülər, tozlar və dumanlar içərisi ilə irəliləyirdi. Ordu yorulmuşdu. Bacərəvan altında qoşuna bir neçə gün rahatlıq verməklə birbaşa Arana girmək üçün Hüsaməddin orduya əmr vermişdi. Ordunun çadırları kiçik çayın kənarında qurulmuşdu. Yüzlərcə qoç və qoyun boğazlayıb qoşuna ziyafət verilirdi. Hüsaməddin öz çadırında oturub iki gündən sonra böyük bir qələbə ilə Gəncəyə girəcəyini düşünürdü. Onun arzuları yenə də içmək üçün əlinə aldığı piyaləsində təcəssüm edirdi. Piyaləsində o, Fəxrəddinlə vuruşurdu. O, kəməndini atıb onu atından düşürür, onun qollarını bağlayıb Qətibənin hüzuruna gətirir və nəticədə bu qələbənin mükafatı olaraq Qətibə qollarını açıb Hüsaməddini qucaqlayır, Hüsaməddin dodaqlarını uzadıb Qətibənin yaxut kimi dodaqlarını dişləmək istərkən sərxoş sərkərdənin dişləri şüşə piyaləni qırır və dodaqlarından qan tökülür. Hüsaməddinin ordusu iki gün istirahət etdi. Farslar, ərəblər və iraqlılar səbirsizliklə hücumu gözləyirdi. Onlar zəngin şəhərlərin və Gəncənin üstünə getməyə tələsirdilər. Onların qənimət daşımaq üçün yedəklərində gətirdikləri atlar və çuvallar boş-boşuna dururdu. Çünki köçüb gedən kəndlərdə əllərinə qənimət adına heç bir şey keçməmişdi. Ordu başçıları bunun üçün də qoşunun adından Hüsaməddinə sifariş göndərib hücum əmri verilməsini rica etdilər. Sərkərdə razı oldu. Ordu bir gün sonra hərəkət edəcəkdi. * * * Qələbə Atabəy Məhəmmədin Gəncə üsyançılarını cəzalandırmaq üçün Təbrizdən Qarabağa hərəkət etməsi xəbəri Gəncədə eşidilən kimi Aran şəhərlərinin hamısına hazır olmaları üçün xəbər verildi. Bir həftənin içərisində altı minə qədər müharibə təcrübələri görmüş atlı Fəxreddin və Seyid Əlaəddinin ətrafına yığışdı. Bu qoşundan dörd min nəfəri Seyi Əlaəddinlə bərabər Naxçıvan qalasını işğal edəcək və Atabəyin sərkərdəsi İbn-İddarın Ziyaülmülk körpüsündən Şimali Azərbaycana keçməsinə mane olacaqdı. Yerdə qalan iki min nəfər isə Fəxrəddinlə bərabər Kür çayının sahillərində durub Atabəyin əsas qüvvələrinin Gəncəyə girməsinə imkan verməyəcəkdi. Fəxrəddinin sərkərdəliyi altında gedən bu qoşun vaxtilə Atabəy ordusunda – Xarəzm, Rey, İraq müharibələrində təcrübə görmüş adamlardan düzəlmişdi. Atabəyin yanında gələn qoşunun sərkərdəliyi vaxtilə Aran qoşunun sərkərdəsi Hüsaməddinə tapşırılmışdı. Bu xətlə dörd mindən ibarət Qarafars və ərəb atlıları Araz çayından Xudafərin körpüsünü keçib Qarabağdan Bacərəvan tərəflərinə qədər irəliləyirdi. Fəxrəddin Atabəy və Hüsaməddinlə gələn qoşunun vəziyyətini öyrəndikdən sonra Əlibəyli kəndi ilə Əbubəkr kəndlərinin arasındakı düzdə düşmənə qarşı bir meydan müharibəsi verməyi qərara almışdı. Buna görə də Xudafərin körpüsündən başlayaraq bütün xalqın kəndləri və şəhərləri boşaldıb Bacərəvana qədər çəkilmələrinə əmr verilmişdi. Hüsaməddinin ordusu Araz çayından keçdiyi gün Fəxrəddinin ordusu da Gəncədən cəbhəyə yola düşdü. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. Ordunu cəbhəyə yola salmaq üçün Aran şəhərlərinin hamısından xalq dəstələri axıb Gəncəyə gəlmişdi. Xalqda baş verən bu qədər ruh yüksəkliyi ordu xalqının mənəvi qüvvətini bir daha artırır və düşmənlə üz-üzə gəlmək üçün tələsdirirdi. Arası kəsilmədən dəstə-dəstə atlılar gəlib Fəxrəddinin ordusuna qoşulur və ordunun sayını artırdı. Artıq İsfahan kəndində qoşuna san verildiyi zaman ordunun üç min nəfər atlıdan ibarət olduğu məlum oldu. Uzun yolun hər tərəfində qızlar və gəlinlərin dəstələri əllərində güllər, çiçəklər və əlvan-əlvan yeməklər müharibəyə gedən qəhrəmanları qarşılayırdı. Onlara cürbəcür tapşırıqlar verirdilər. – Sizə yaxşı yol, qələbə və zəfərlər diləyirik, sizi ancaq zəfərlə döndüyünüz zaman çiçəklərlə qarşılayacaq və öpəcəyik, – deyirdilər. Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. Burada cəbhəyə gedən qoşunun şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Bütün düzlər və təpələr, qoşunun tamaşasına çıxan kəndli qızlar, kəndli gəlinlərlə bəzənmişdi. Çayın kənarında yüzlərcə tonqal qalanmışdı. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur və təmizlənmiş qoyun cəmdəkləri ağaclara taxılıb közlərdə qızardılırdı. Yüzlərcə aşıq sazlarının tərənnümləri eşidilir, yüzlərcə gəlin və qız rəqs edir və oxuyurdu. Yedilər, oynayıb çaldılar, nəhayət, gün batan zamanı görüşüb, vidalaşıb ayrıldılar. Qızlar nişanlıları və gəlinlər gənc ərləri ilə vidalaşdığı zaman deyirdilər. – İndi baxıb görüm mənim başımı uca eləmək üçün nə iş görəcəksən! – Ancaq qələbə ilə gəldiyin zaman səni qucaqlayıb öpəcəyəm! – Nizəndə düşmən başı görməsəm, istiqbalına çıxmayacağam! – Mənə verəcəyin birinci hədiyyən, qələbən olmalıdır. Düşməni sərhəddən içəri buraxsan evə qayıtma! Nizami Fəxrəddinlə öpüşüb vidalaşdığı zaman ona belə tapşırıqlar verirdi: – Vuruşma zamanı özünü qoşunun arxasında gizləmə, çünki durna öz başçısını qabaqda görməsə havada uça bilməz. Sənin mindiyin at hər bir atdan qabaqda və sürətlə yürüməlidir. Hücum etdiyin zaman sənin atın dalınca gələn ordudan çox qabaqda getməlidir, çünki düşmən ox atdığı zaman tək atlını yox, dəstələri hədəfə alır. Düşmənin adlı-sanlı pəhləvanının qabağına adsız, sansız və təcrübəsiz adamların çıxmasına imkan vermə. Düşmən sənin özünü müharibəyə çağırdığı zaman meydana çıxmaqdan boyun qaçırma, çünki sərkərdəsini qorxaq görən ordu çətin müharibələrdə iş görə bilməz. Düşməni Araz çayına qədər qovandan sonra Cənuba hücum etmə. Ordunu uzaq səfərə aparıb yorma, çünki bir gün Atabəyin böyük qüvvəsilə üz-üzə gəlməyə məcbur olacaqsan. Nizaminin böyük tapşırıqlarından sonra Fəxrəddin atını məhmizləyib yola düşdü. * * * ...Səhər idi. Ay dağın başından naməhrəm qadına baxan kişilər kimi başını uzadıb Hüsaməddinin ordusu düşən qərargaha boylanırdı. Əlibəyli kəndi ilə Əbubəkr kəndi arasındakı düzdə yerləşən çadırlara baxıldığı zaman geniş düzlərə ağ kəpənək qondüğu zənn olunurdu. Müxtəlif dillərdə danışan ordu nəfərləri atlarını kiçik çayın kənarında tumarlayır, çimdirir, hər kəs öz dilində oxuyurdu. Uzaqda çadırların qarşısındakı nizə çatmalarına baxıldığı zaman Əlibəyli kəndinin düzlərində gənc bir meşəlik salındığı zənn olunurdu. Çadırların qabağında dolaşan keşikçi, Əlibəyli kəndinin şimalında düşən dağ silsilələrinin arasından düzəngaha qarşı dəhşətli bir selin axdığını gördü. Bu sel, Hüsaməddinin ordusu üzərinə hücum edən qalın toz təbəqələrindən ibarət idi. Keşikçi dərhal Hüsaməddinin çadırına qaçdı. Çadırın qapısındakı qarovul onu içəri buraxmadı və: – Sərkərdə yatmışdır. Oyatmağa icazə verməmişdir, – deyə onu rədd etdi. Qarovul fars idi, o, təhlükənin yaxınlaşdığını görüb qışqırdı: – Baba, çi vəkti xabidənəst, düşmən miyayəd bezudi pədəri mərə dər miarəd hey. Fars keşikçisi qorxusundan o qədər ucadan qışqırdı ki, Hüsaməddin sərxoşluğun şirin yuxusundan ayıldı, tirmə xələtini üstünə salıb çadırdan dışarı çıxdı, əlini alnına qoyub toz axınına baxınca, əlini-əlinə vurub: – Düşmən gəlir! – dedi və fars keşikçisindən daha ucadan qışqırdı: – Ordu hazır ol! – dedikdən sonra yüzlərcə şeypurun səsi birdən eşidildi. Çayın kənarındakılar çılpaq atların üzərinə sıçrayıb çadırlara üz qoydular. Çadırdakılar da dərhal silahlanıb atın belinə atıldı. Hüsaməddin geyinib yəhərin üstünə qalxdı, toz təbəqəsinə qarşı iki yüz nəfər inanılmış atlı ilə hücum etdi. Yüzlərcə at ağzını açıb bir-birinə yaxınlaşırdı. Qaçan atların geniş açılmış burun deşiklərindən çıxan şiddətli nəfəslər toz təbəqələrini yarıb qılınc və mizraq oynatmaq üçün fəzanı təmizləyirdi. Bir anda “hey! hey!” səsləri düzləri və dağ-dərələri ağzına aldı. Qəhrəmanların qışqırıqları Qarabağ və Aranın dağ silsilələrinə əks edərkən, dağlardan: – Qəmər at, sağa dön! – Sona day, geriyə atıl! – Kürən at, irəliyə! – Əbləğ, irəliyə! – səsləri eşidilirdi. Qılınc müharibəsi idi. Qılıncların ağzında çeynənən qalxan qırıntıları havadan axıb atların ayaqları altına tökülürdü. Günəş ucalmışdı, lakin o, dəhşətli qırğın davam edən Əlibəyli düzünü işıqlandırmağı bacarmırdı. Bir-birini qarşılayan yeddi min qılıncdan havada keçilməz bir hasar çəkilmişdi. Hüsaməddinin ordusunun vəziyyəti ağırlaşdı, çünki Fəxrəddinin ordusunun mühüm bir hissəsi Əbubəkr kəndinin Şərq tərəfindən onun arxasına hücuma başlamışdı. Hüsaməddin, ordusunun mühasirə vəziyyətində olduğunu hiss edərək nicat yolu axtarırdı. Buna görə də ölüm-dirim müharibəsinə başlayıb vuruşurdu. Fəxrəddin, əlində siyirmə qılınc atlının qabağında göründü və Hüsaməddini səslədi: – Hanı bu ordunun qəhrəmanı? Hanı Hüsaməddin? – dedikdə, Hüsaməddin atını məhmizləyib Fəxrəddinə qarşı sürdü. Düzlər və təpələr, yəhərləri qarınlarının altına düşən və cilovları qollarına dolaşaraq, qılınc yarasından inləyən atlarla dolmuşdu. Hüsaməddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. Düzlərdən və təpələrdən ərəb və fars atlılarının: – Vay madər! – Vaveyla! – səslərindən başqa bir səs eşidilmirdi. Mühasirə xəttini yarıb qaçmağı bacarmayanlar nicatını qılıncda və mizraqda arayırdı. Hüsaməddinin atı vuruşan dəstələrin arasından qızmış şir kimi çıxdı. Onun gözləri qarşısını görmürdü. O ancaq öz qəlbindəkiləri görürdü. Onun qəlbində Qətibənin dodaqları danışır və ondan Fəxrəddinin başını tələb edirdi. Bunun üçün Fəxrəddin kimi şöhrətli bir pəhləvanın qarşısına çıxmaq o qədər də çətin deyildi. O daima qəlbində Qətibənin səsini dinləyirdi. Sanki o səs Hüsaməddini xoşbəxt bir həyata doğru cəlb edirdi. O, dördminlik bir ordunu itirdiyini və özünün məğlublar cərgəsində durduğunu nəzərə almayaraq atını bir qalib pəhləvan kimi irəli sürürdü. Nəhayət, o, Fəxrəddin duran yerə yaxınlaşınca başını qaldırıb öz qarşısında Fəxrəddini gördü, atının cilovunu çəkdi. Bir neçə dəqiqə onlar bir-birinə diqqətlə baxdılar. Nəhayət, Fəxrəddin sözə başlayaraq Hüsaməddini məzəmmət etməyə başladı: – Bir ordunun başçısı kimi səni öldürmək mənim üçün ən vacib işlərdən biridir. Lakin sənə qılınc vurmaqdan utanıram, çünki qılıncımın namussuz və həyasız bir adamın qanına batmasını özüm üçün həqarət hesab edirəm. Alçaqsan, çünki dörd mindən ibarət fars və ərəb qoşunu dalına salıb öz vətənini qarət etməyə və öz vətəndaşlarını qırmağa gəlmisən. Şimali Azərbaycanı talamaq və məhv etmək üçün gələn ordunun içərisində səndən başqa bir nəfər də azərbaycanlı olsaydı, mən sənə alçaq deməyə cəsarət etməzdim. Alçaqsan! De görüm, sən Nizaminin evində verdiyin əhd və peymanı unutdunmu?! Sən Azərbaycan xalqının rəhbərlərinə qarşı düşmən hərəkətdə bulunmamağa söz verməmişdinmi?! De görüm, Araz çayından bura qədər yandırdığın kəndlərin günahı nə idi? İndi isə öz cəzanı almağa hazır ol!.. Hüsaməddin cavab verməyə macal tapmadı, çünki Fəxrəddin atını məhmizləyib onun ətrafında dolaşırdı. Hüsaməddin qılıncını siyirib Fəxrəddinə qarşı atını məhmizlədiyi zaman Fəxrəddinin kəməndi onun qılıncını qolları ilə bərabər bədəninə sarımışdı. Fəxrəddin atını məhmizləyərək geri dönərkən Hüsaməddini yəhərdən çıxardı. Hüsaməddinin əsir düşdüyünü görən iraqlılar onu qurtarmaq üçün ümumi hücuma keçdilər. Qanlı müharibə oldu. Nəhayət, Hüsaməddini əsirlikdən qurtarıb aradan çıxara bildilər. Müharibə gün batana qədər davam etdi. Atabəy ordusunun yarıdan çoxu qılıncdan keçirilir və minlərcə insan meyitləri at dırnaqlarında çeynənirdi. Qaranlıq düşəndə Hüsaməddin sağ qalan yaralı və yorğun adamları ilə bərabər üzünü Araz çayına tərəf çevirib qaçdı. Qərargah Aran ordusunun əlinə keçdi. Qənimətin hesabı yox idi. * * * Şahmat Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinə düşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarından qopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı. Qoca bağban yayın istisindən qorunmaq üçün yarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə su çiləyirdi. Ruzigardan və sudan təzə həyat alan qönçələr pərdəsini ataraq yenə bir həyata atılmağa hazırlanırdı. Küsmüş qızlar kimi kirpiklərini bir-biri üzərinə tökən nərgiz gülü və şəhla gözlərini açıb qızıl gülün çöhrəsindəki qırmızılığa baxırdı. Yetim qızlar kimi bir guşədə unudulub qalan bənövşə boynunu çiyninə qoyub yarpağın yaşıl xalçası üzərində oturmuşdu. Hovuzun kənarında at qətifələrə bürünüb duran ördəklər günəşin Sərdrüd təpələrinin dalında gizləndiyini görərək axşam nəğməsinə başlamışdı. Atabəy Məhəmmədlə Qızıl Arslan otaqdan çıxıb eyvanda qoyulmuş kürsülərin ətrafında dolanır və danışırdılar. Atabəy Qarabağ xəttilə Gəncəyə girmək üçün göndərilən ordunun vəziyyətindən xəbərdar deyildi. Mərənd xəttilə Naxçıvanı işğal etmək istəyən İbn-İddarın dəstəsindən də ümidverici xəbərlər alınmamışdı. Onları Seyid Əlaəddinin atlıları döyüb Ziyaülmülk körpüsü vasitəsilə Araz çayının cənubi-qərb sahilinə sıxışdırmışdı. Atabəyin bütün ümidi, Hüsaməddinin riyasəti altında gedən orduya idi. Çünki Atabəy Hüsaməddinin şimali azərbaycanlılarla tanış olduğuna və sınanmış bir sərkərdə sayıldığına inanırdı. Atabəy Məhəmməd Hüsaməddinin qələbə qazanıb-qazanmadığına fal vurmaq üçün şahmat taxtasına yanaşıb Qızıl Arslana: – Gəl otur bir əl şahmat oynayaq, – dedikdə, Qızıl Arslan oturdu. Heç bir söz demədən şahmat cəbhəsini bölüşdürməyə başladılar, piyadalar, atlılar və şahlar iki tərəfə ayrıldı. Atabəy oyuna başlar-başlamaz, atları irəli sürməyə çalışırdı, Qızıl Arslan Atabəyin nə etmək istədiyini bilir və onun irəli sürdüyü atlının Hüsaməddinlə bərabər Gəncə üzərinə gedən atlı ordudan ibarət olduğunu anlayırdı. Qızıl Arslan düşünə-düşünə oynayırdı. O qarşı-qarşıya duran atlıları müqayisə edirdi. O, Fəxrəddinin Hüsaməddinə qələbə çala biləcəyinə heç də şübhə etmirdi. Buna görə də Fəxrəddin deyə fal vurduğu atı irəli sürürdü. Oyun çox da uzun çəkmədi. Hökmdarın əmri ilə irəli yürüyən atlı, artıq şahmat taxtasının üzərində görünmürdü. Şah, mat olunca, Atabəy bir ah çəkib şahmat taxtasının yanından qalxdı, yenə də Qızıl Arslanla eyvanı dolaşmağa başladı. Qızıl Arslan qəlbində müvəffəq olduğu faldan sevindirdi. Qızıl Arslan azərbaycanlıların məğlubiyyətini Eldəniz xanədanının məğlubiyyəti kimi hesab edirdi. Qızıl Arslan Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyat və sənətinin bütün Yaxın Şərq ölkələrinə işıq sala biləcəyinə inanırdı. Xidmətçi daxil olub baş endirdi və Atabəyə müraciətlə: – Həşəmətli Hüsaməddin gəlib hüzura yetişmək arzusundadır, – dedikdə, Atabəy diksindi, şahmatda uduzduğu atlının gəlməsindən şübhələndi və istər-istəməz: – Qoy gəlsin, – dedi. Hüsaməddin eyvana daxil olub, baş endirib dayandı. Qızıl Arslan və Atabəy Məhəmməd onun üzünə baxan kimi qalib çıxmış sərkərdəyə bənzəmədiyini dərhal hiss etdilər. Atabəy Məhəmməd ona sual verdi: – Ordunun vəziyyəti necədir? Ordumuz hara qədər irəliləməşdir? Hüsaməddin çox təxirlə cavab verdi, çünki o, vəziyyəti olduğu kimi Atabəyə danışmaqdan qorxurdu. Atabəy cavab gözləyirdi, nəhayət, Hüsaməddin başını yuxarı qaldırıb cavab verdi: – Əlahəzrətin tapşırıqları yerinə yetirilmişdir. Biz Araz çayını keçən kimi Bacərəvan altına qədər yol üzərində və yoldan kənarda nə qədər kənd varsa hamısını yandırdıq. Bütün kəndlər, bütün tarlalar və əkinlər at dırnağında tapdalanıb tələf oldu. Xudafərindən, Əlibəyli və Əbubəkr kəndlərinə qədər yaşıllıqdan bir əsər də yoxdur. Lakin körpüdən Bacərəvan altına qədər heç bir kəs rastımıza çıxmadı, əhali kəndləri və yurdları boşaldıb köçmüşdü. Hüsaməddin sözünü burada saxladı. Atabəy isə tələsik və həyacanlı bir sual da verdi: – Sonra?! – Nəhayət, Əbubəkr kəndi ilə Əlibəyli kəndləri arasında olan düzəngahda düşmənin təxminən üç min atlıdan ibarət bir dəstəsinə rast gəldik, onlar bizə heç gözləmədiyimiz tərəfdən hücum etdilər. – Sonra necə oldu? – Sonra da gün çıxandan başlayıb gecənin qaranlığına qədər qılınc davası davam etdi. Hər iki tərəf böyük tələfat verdi. Atabəyin səbri tükəndi və bədəni titrəyə-titrəyə soruşdu: – Qərargah kimin əlində qaldı?! – Qərargahda insan meyitlərindən başqa nə var idi ki?! Bir də burasını nəzərə almaq lazımdır ki, bu qədər az bir qüvvətlə irəli hərəkət etmək mümkün ola bilməzdi. Buna görə də dəyərli bir qüvvə aparmaq üçün əlahəzrətin hüzuruna gəldim. Atabəy acıqlandı: – De görüm hazırda sənin ordun haradadır?! – Müharibə edə-edə çəkildik. Başqa cür ola bilməzdi. Hazırda ordudan salamat qalanlarla yüngül yaralıların Araz çayının cənub sahilindədir. – Demək ki, aranlılar sizi Araz çayına qədər döyə-döyə qaçırıbdır? – Bəli, vuruşa-vuruşa çəkilmişik. Atabəy öz-özünə? – “Bəli, vuruşa-vuruşa çəkilmişik” – dedikdən sonra Hüsaməddinə tərəf dönüb qışqırdı: – Rədd ol gözümdən, get əmrimi gözlə! – dedi. Hüsaməddin təzim edib dalı-dalı çəkildi, pilləkənlərdən düşüb getdi. Atabəyin “rədd ol!” – deyə qışqırması Qətibənin tapşırdığı gizli vəzifəni ona xatırlatdı. İndi o, Atabəy Məhəmmədə qarşı yalançı bir sui-qəsd deyil, həqiqi bir sui-qəsd hazırlamaq qərarına gəldi. * * * Gözəl Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü. Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı. Xəzan fəslinin bu kədərli günlərində Atabəy Məhəmmədin böyük ordusu Araz çayından keçib Şimali Azərbaycana doğru irəliləyirdi. “Cahan Pəhləvan” ləqəbini daşıyan bu hökmdarın dəhşətli bir ordu ilə Təbrizdən hərəkət edib çayı keçməsi, Şimali Azərbaycana ciddi bir təsir bağışlamışdı. Aranlılar Atabəy Məhəmmədi Kür çayının kənarında qarşılayıb bir meydan müharibəsi verməyi qərara almışdılar. Atabəy qədəm qoyacağı hər qarış yeri öyrənə-öyrənə və tam bir ehtiyatla hərəkət edirdi. Payızın şiddətli yağışları Atabəy ordusunun sürətlə hərəkətinə imkan vermirdi. Ordu Qarabağdan hərəkət edərək on iki fərsəng məsafədə olan Canpolad kəndinin ətrafında qərargah qurmuşdu. Yağışların şiddəti Atabəyin çadırda yaşamasına imkan vermirdi. Buna görə də Atabəy üçün Canpolad kəndində gözəl və iki mərtəbəli bir binada mənzil hazırlamışdılar. Atabəy Canpolad kəndinə gəldiyi zaman təəccüb edirdi, çünki Qarabağdan Arana gedən yolun şərq tərəfində düşən bu kənd Atabəyin hökm sürdüyü məmləkətlərdə yeganə bir kənd idi. Kəndin diqqəti cəlb edəcək cəhətlərindən birisi də bütün binaların iki mərtəbəli olması və bir quruluşda tikilməsi idi. Küçələr olduqca təmiz, daş döşəməli, iki tərəfdən axan suların üstü örtülü idi. Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. Atabəy kəndə girdiyi zaman onu çiçək və reyhan qoxuları qarşıladı. Hətta onun qarşısına çıxan kəndlilər də başqa kəndlərdə təsadüf etdiyi kəndlilərə bənzəmirdi. Xüsusən qadınların kişilərdən qaçmaması və onların tamamilə bir-birinə bənzər libasda olması da Atabəyin diqqətini cəlb edirdi. Ordunun böyük bir hissəsi Canpolad kəndindən keçib Bazarcuq və Bərdə tərəflərinə qədər irəlilədiyinə baxmayaraq, Atabəyin bhü Canpolad kəndində istirahətə məşğul olub, Gəncəyə hərəkət etmək üçün yağışların dayanmasını gözləyirdi. İyirmi gündü ki, Atabəy Canpoladın evində idi. O, hər gün öz xidmətində təzə adamlar görürdü. Hər gün süfrəni başqa qızlar və başqa gəlinlər hazırlayırdı. Eyni zamanda bunların hamısı da, gözəl, təmiz və mədəni idi, bir biçim, bir keyfiyyətli libas geyirdilər. Atabəyin fikrincə, onun süfrəsinin yeməyini hər gün bir evdən gətirirdilər. Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeknəsəq libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir. Atabəy naharda və şamda cürbəcür adamlar gördüyü üçün iyirmi gündən bəri kimin evində yaşadığını bilmirdi. Kənddə Atabəyin diqqət nəzərini cəlb edən bu mədəniyyət, kəndin talandan xilas edilməsinə səbəb olmuşdu. Atabəyin əmrinə görə qoşunun kəndə girməsi qadağan edilmişdi. Atabəy xəbərdar olmasa belə, yaşadığı evin sahibi Canpolad adında yaşlı bir kişidən, bir qız, bir də qadından ibarət idi. Ailə Atabəy yaşadığı evin qarşısındakı bağçanın axırındakı bir mərtəbəli üç otaqda yaşayırdı. Bu da göstərirdi ki, bu müəmmalı kəndin əsas adətlərindən birisi də ailə başına bir otağın mövcud olmasıdır. Atabəy tez-tez yaşadığı evin qarşısındakı bağçaya çıxıb gəzirdi. Həyətin xiyabanlarında cərgə ilə bitən ağacların hamısı payızda yetişən meyvələrdən ibarət idi. Həyətdəki payızı armud, heyva və cürbəcür meyvələr Atabəyin heyrətinə səbəb olurdu. Hər gün nahar süfrəsinə verilən üzümlər otaqların qabağındakı meynələrin torbaya tikilmiş üzümlərindən idi. Atabəyin yaşadığı binada insanın ehtiyacı üçün hər nə lazımsa var idi, onlar zəngin olmasa belə təmiz və mədəni idi. Atabəy kimin evində və nə şəraitdə yaşadığını öyrənməyə çalışırdı, çünki iyirmi gündən bəri onun özü və adamları burada yeyib içirdi. Buna görə də kimi mükafatlandırmaq lazım gəldiyini bilmək lazım idi. ...Gecə idi. Ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib odun anbarından odun götürmək istəyirdi. Hamı yatmışdı, cınqırını çəkən yox idi. Bağçada bir səs varsa, o da xəzan yağışlarının yarpaqlara düşüb səslənməsindən və kədərli bir musiqi tərənnümü təşkil etməsindən ibarət idi. Arabir su ilə dolmuş yarpaqlar qopub qızın başına düşür və qızın açıq saçlarını isladırdı. Bağçada, hətta Atabəyin yatdığı binanın həyətində bir kimsə görünmürdü. Atabəyin keşikçiləri də yağışdan qorunmaq üçün öz otaqlarına girib uyumuşdular. Ev sahibinin qızı Atabəyin yatdığı binanı keşikçisiz görüncə mat qaldı, öz-özünə: – nə qədər böyük ehtiyatsızlıq! – dedi. Əcəba, böyük bir ordu ilə böyük xalqın müharibəsinə gedən hökmdarı keşikçisiz buraxmaq yararmı? Bu vəziyyət qızı düşündürürdü. O, tut ağacının altında durub həyətə baxırdı. Qız əvvəlcə Atabəyin köçüb getdiyini zənn etdi və qayıdıb atasına xəbər vermək istədi. Bir ayaq səsi eşidib dərhal tut ağacının arxasında gizləndi. Keşikçilərin otağından bir nəfər əlində qılınc dışarı çıxıb bir neçə baş o tərəf bu tərəfə gedib boylandı və kimsəni görmədiyindən yenə də qayıdıb keşikçilərin otağına getmək istədi. O, odun anbarının yanından keçdiyi zaman, anbardan üç nəfər çıxıb daldan keşikçinin başına palaz atıb anbara çəkdilər. Onlar keşikçini anbara çəkdikdən sonra birisi dışarı çıxıb keşikçilər yatan otağın qapısını dışarıdan bağlayıb yenə də anbara qayıtdı. Qız bu hadisəni görüncə başında tükləri qabardı, vücudunun damarları çəkişməyə başladı. O yaxın dəqiqələrdə bir təhlükə baş verəcəyini təyin edərək bir an düşündü, özünü heç də şaşırmadı. Öz-özünə: nədən qorxursan? – deyərək əlində iti balta olduğu halda tələsik gəlib odun anbarının qapısını daldan bağladı və Atabəyin yatdığı otağın qapısına gəlib dəli adamlar kimi qapını döyməyə başladı. Atabəyin otağında işıqlar yandı. Lakin Atabəy qapıya gəlməkdən çəkindi, çünki qapını adi bir surətdə döymürdülər. Atabəy dayanıb düşünürdü, orduya şəbxun vurulduğunu xəyalına gətirmirdi, çünki Xudafərin körpüsündən Bərdəyə qədər onun qoşunlarının əlində idi. Qapı bir daha dəhşətlə vuruldu. Atabəy qılıncını siyirib qapının dalısına gəldi və soruşdu: – Qapını döyən kimdir? – Hökmdar, qapını açın. – Sən kimsən? – Ev sahibinin qızıyam. – Nə üçün gəldin? – Hökmdar, sizi bir təhlükə gözləməkdədir. Qorxmayın, qapını açın. – Nə kimi təhlükə? – Təfsilat verməyə vaxt yoxdur. Nədən qorxursunuz? Mən bir nəfər qızam. Aç qapını. Vaxt keçir, təhlükə burnunun ucundadır. Atabəy siyirmə qılınc qapını həyəcanla açdı. Qapıda uzunboylu bir qızı əlində balta görərkən təkan yedi, qızın onu öldürmək üçün gəldiyini zənn edərək qılıncını qaldırıb vurmaq istədikdə qız baltanı qılıncın qarşısına tutub vüqarla dedi: – Tələsmə hökmdar, yaxşılığa qarşı yamanlıq böyük adamlar üçün nöqsandır. Mən səni öldürmək üçün yox, ölümdən qurtarmaq üçün gəlmişəm. Atabəy əlini saxlayıb təəccüblə soruşdu: – Məni ölümdən qurtarmaq?! – Bəli, ölümdən qurtarmaq. Uzun danışmağa vaxt yoxdur. Keşikçinin başına palaz atıb odun anbarına apardılar. Qapını dışarıdan bağlamışam, canilər anbardadır. Keşikçilər yatan otağın qapısını eşikdən bağlayıblar. Atabəy yenə də eşiyə çıxmağa tərəddüd edirdi. Nəhayət, qız acıqlanaraq: – Nə üçün dalımca gəlmirsiniz?! Siz elə zənn etməyin ki, ev sahibi öz qonağına xəyanət etmək istəyir. Atabəy dışarı çıxmaq istəmirdi, onun fikrincə, qız onu aldadıb həyətə çıxaracaq, onu həyətdəkilər tutub istədikləri tərəfə aparacaqlar. Atabəy bu hadisənin aranlılar tərəfindən düzəldilmiş bir sui-qəsd olduğunu zənn edirdi. Atabəy keşikçilərin həyətdə görünməməsini və öz otaqlarına qapanıb yatmalarını müəyyən bir tapşırıqla əlaqədar hesab edirdi. Atabəy bu fikirlə də içəri qayıdıb qapını daldan bağlamaq üçün hazırlanırdı. Qızın səbri tükəndi və bir daha: – Nə üçün öz həyatınızın təhlükədən qurtarmasına çalışmırsınız? İndi onlar anbarı yarıb həyətə çıxar və sizi burada məhv edərlər, – dedikdə Atabəy: – Sən get keşikçilərə xəbər ver, – dedi. Qız da onun üzünə tərs-tərs baxıb istehza ilə söylədi: – "Cahan Pəhləvan!.." Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız. Qız bu sözləri deyib qayıtmaq istərkən Atabəy də qızın sözlərindən utanıb onunla bərabər dışarı çıxdı. Onlar əvvəlcə keşikçilərin otağının qapısını açıb ayağa qaldırdılar, keşikçilər Atabəyi görərkən özlərini şaşırdılar. Atabəy isə: – Tez olun odun anbarını mühasirəyə alın, orada hər kəs varsa, həbsə alıb mənə xəbər verin, – deyib otağına qayıtdı. Atabəy yenə bu hadisədə qızın iştirak etdiyini və bu hadisəni törətməklə onu evdən köçürməyə çalışdıqlarını zənn edirdi. Buna görə də keşikçibaşıya belə bir əmr verdi: – Qızı da, ata-anasını da həbsə alarsınız, sabah anbardakılarla bir yerdə hüzura gətirərsiniz, – dedikdə qızı həbsə aldılar. Lakin onu həbsə apararkən Atabəyə tərəf dönüb acı bir tərzdə dedi: – Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım, – deyərək keşikçinin qarşısına düşüb getdi. Atabəy gənc qızda gördüyü bu cəsarətdən heyrətə düşmüşdü. Bir nəfər kəndli qızının hökmdara "Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız"... – deməsi hökmdarın ömründə birinci kərə eşitdiyi sözlərdən idi. Hökmdarı sonra da qızın "Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım" – deməsi düşündürürdü. Hökmdar o qızın adi bir qız deyil, qəhrəman bir qız olduğunu öz-özünə söylədi. Lakin Atabəy onu qaranlıqda görmüşdü. Qızın yalnız səsini və boy-buxununu xatırlaya bildi. O, qəlbində: bu qız qəhrəmanlığı qədər gözəlliyə malik olsaydı, bir kəndli qızı olduğuna baxmayaraq mən buna evlənərdim – deyirdi. Yarım saatdan sonra, keşikçibaşı gəlib Atabəyə hadisə barəsində məlumat verib dedi: – Anbardakılar səkkiz nəfər idi. Keşikçini anbara gətirən kimi öldürmüşlər. Əvvəlcə bizə təslim olmadılar, qaranlıqda qanlı vuruşma başlandı. Nəhayət, onlardan beş nəfər öldü, bizdən isə yeddi nəfər ölüb, beş nəfər yaralandı. Onlardan diri qalan üç nəfər həbsə alınmışdır. – Gedib yanıma gətirin! Beş dəqiqədən sonra üç nəfəri gətirdilər. Onların birisi əlindən, ikincisi boynundan, üçüncüsü başından yaralı idi. Atabəy onları bu şəkildə görüncə keşikçibaşıya əmr etdi: – Bunların yaralarını bağlamaq lazımdır. Aparıb yaralarını bağlayın, libaslarını dəyişdirin, sonra da istintaq üçün hüzuruma gətirin. Yaralıları apardılar. Atabəy fikrini dəyişdi və bu sui-qəsdi öz-özlüyündə təhlil edərək: "Bu sui-qəsdi ancaq azərbaycanlılar düzəldə bilər. Hərgah Arana girə bilərsəm, ölkənin daşını daş üstündə qoymayacağam" – deyirdi. Caniləri gətirdilər. Atabəy onlara sual verdi: – Hara adamısınız? Onların ikisi danışa bilmirdi, çünki yaraları olduqca ağır idi. Bunun üçün də Atabəy onların yerə oturmalarına əmr verdi. Yalnız əlindən yaralanmış olan Atabəyin sualına cavab verdi: – Bizim üçümüz də Nəhavənd mahalından Bidustan şəhərinin Ağqələ kəndindənik. – Hansı bölükdənsiniz? – Nəhavənd focundan. – Atlısınız, ya piyada? – Xeyr, üçümüz də atlıyıq. – Beş nəfər ölən yoldaşınızı da tanıyırsınızmı? – Beş nəfər ölənin üçü yenə də Nəhavənd focundandır, lakin iki nəfərin haradan olduğunu bilmirik. – Nə üçün bura gəlmişdiniz? – Focumuzun rəisi bizi həmin ölən yoldaşlardan birisinin sərəncamına vermişdi. – Rəis sizə nə kimi vəzifə tapşırmışdı? – O bizə demişdi ki, bu adam hər nə əmr edərsə yerinə yetirməlisiniz. – Siz ondan heç bir şey eşitmədinizmi? – Eşitdik. Dedi ki, Atabəyin düşmənlərini öldürməyə gedirik. – Atabəy kimdir?! – Qızıl Arslan. – Sizin hər birinizə nə qədər pul verdilər? – Heç bir şey vermədilər, dedilər ki, Qızıl Arslan hər birinizə bir kənd verəcəkdir. Atabəy dərhal atlı göndərib Nəhavənd focunun rəisini yanına çağırmaq əmrini verdi. Lakin Nəhavənd focunun harada olduğu məlum deyildi. Atabəy dərhal Hüsaməddini hüzuruna çağırıb focun harada durduğunu soruşdu. Hüsaməddin focun Qarabağdan üç fərsəng məsafədə olan Mir kəndində yerləşdiyini xəbər verdi. Atlılar sürətlə yola düşüb Mir kəndinə getdilər. Atabəy müqəssirləri danışdırdıqdan sonra qızın və ailəsinin bu hadisədə təsirli olmadığını təyin edib onları həbs etdirdiyindən utandı və keşikçibaşından soruşdu: – Qız və onun ailəsi haradadır? – Öz evlərindədir. Qapıda adam qoyub dışarı buraxılmamalarını tapşırmışam. – Onları azad buraxın, müqəssirləri saxlayın, yaralıların ölmələrinə imkan verməməyə çalışın, bununla xəyanətin izini itirə də bilərsiniz. Otaq boşaldı. Atabəy yorğan-döşəyə girdi, lakin o, heç bir zaman o cəsarətli qızı və onun dediklərini unuda bilmirdi. Xüsusən o qaranlıqda qızın çöhrəsini görə bilmədiyi üçün ona cürbəcür şəkil verir, lakin yenə də qəti bir qərara gələ bilmirdi. O gözəldirmi? Çirkindirmi? – deyə düşünürdü. Lakin qızın səsi daima onun qulaqlarında cingildəyir, sanki tez-tez: "Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız" – deyirdi. Atabəy bu düşüncələrdən sonra yenə də öz-özünə: – "Hərgah azərbaycanlıları bu kimi qəhrəman analar doğmuşdursa, mən onlara qalib gələ bilməyəcəyəm" – deyirdi. Gecə yarıdan səhərə qədər Atabəy bu fikirlərlə yatağın içində o tərəf bu tərəfə dönür və tez-tez pəncərəyə baxaraq səhərin nə vaxt açılmasını gözləyirdi. O qızı bir daha görmək üçün tələsirdi. Lakin buna ümid yox idi. Çünki qızın yaxşılığına qarşı yamanlıq etmişdi. Gündəki vaxtında yatağından durdu, yıxanıb qurtaran kimi qapı açıldı. Atabəy üçün səhər yeməyi gətirildi. Qız yenə də adət üzrə Atabəyə xidmət etməyə başladı. Atabəy gözünün guşəsi ilə qızı diqqətlə süzürdü. Atabəy qızın acıqlı olmadığına güvənərək ona sual verdi: – Sənin adını soruşmaq mümkündürmü? Qız başını yuxarı qaldırıb Atabəyin üzünə baxıb cavab verdi: – Hərgah hökmdar, məmləkətində yaşayan bütün qızların adını öyrənməyə başlarsa, başqa işlərə vaxtı çatmaz. – Səni başqaları ilə müqayisə etmək yaramaz. Əvvəla, mən burada iyirmi gündən bəri yaşayıram, sizdən hesaba gəlməz məhəbbətlər görmüşəm, ikincisi də budur ki, sən məni ölümdən xilas edibsən. – Adımla özümün arasında böyük bir fərq vardır. Özüm adıma oxşamadığım üçün adımı deməkdən utanıram. – Yəqin ki, adın çirkindir. Çünki özün olduqca gözəlsən. Qız başını divara tərəf çevirib utana-utana dedi: – Adım Gözəldir. Atabəy qıza bir daha diqqətlə baxaraq yavaşdan: – Doğrudan da gözəlsən, – dedi. Gözəl səhər yeməklərini süfrəyə düzərək Atabəyin xidmətində durmuşdu. Atabəy əlini yeməkdən çəkərək: – Sən o kürsünün üstündə oturmasan, mən yemək yeməyəcəyəm, – dedikdə, Gözəl birinci təklifdə kənarda qoyulan kürsünün üstündə oturdu. Atabəy bacardıqca yeməyin uzun çəkməsinə çalışırdı, çünki yemək qurtaran kimi qız süfrəni yığıb gedəcəkdi, o bir də qızı ancaq nahar yeməyi vaxtında görəcəkdi. Səhər yeməyindən sonra Atabəy qoşun sərkərdələrini qəbul edəcəkdi, buna görə də qızı öz yanında çox saxlamağa çalışırdı. Qızın özü də bunu anlamışdı, çünki Atabəyin gözü qızda olduğu üçün nə yeyib, nə içdiyini şaşırmışdı. O, şirin və dadlı xörəkdən götürmək istərkən əlini duz qabına, istiota uzadırdı. Gözəl isə Atabəyin bu vəziyyətini gördüyü zaman qəlbən gülürdü. Atabəy bütün qüvvətini gözlərinə yığıb qızı ölçüb-biçirdi. Gah qızın uca boyuna, nazik və eyni zamanda mütənasib əndamına, gah da nar gülünün yarpağından incə və qırmızı dodaqlarına, dar ağzına, yumru gözlərinə, ağlı-qırmızı və ətli yanaqlarına, ənbər və şəvədən qara saçlarına, kiçik və ətli əllərinə baxaraq varlığını uduzmağa başlayırdı. Atabəy ona sual verdi: – Sən gecə o qorxulu zamanda bu həyətə nə üçün gəlmişdin? – Anbardan odun aparmaq üçün gəlmişdim. Atam xəstə idi, evi qızdırmaq lazım idi. – İndi necədir? Atanın səhhəti yerindədirmi? – Atabəyin dövlətindən, həbsə alındığı saatdan bəri səhhəti düzəlmişdir. – Hadisə insanlar üçündür. Lakin səndən çox razıyam. Məni ölüm təhlükəsindən xilas etdin. – Bu barədə heç bir razılıq lazım deyil. Çünki bu mənim borcum idi. Bu borc padşahla əlaqədar deyildir. Burası elin adətləri ilə əlaqədardır. Çünki adətimizə görə qonağın müdafiəsi ev sahibinin vəzifəsidir. Hərgah başqa evdə olsaydınız, bəlkə də sizi müdafiə etməzdim. – Nə üçün, siz hökmdarı sevməyirsinizmi? – Çünki hökmdar da bizim xalqımızı sevmir. – Bunu sənə kim söylədi? – Bunu mənə dağılan kəndlər, yandırılan evlər, tüstüləyən xanımanlar, talan olan şəhərlər, ayaqlanan tarlalar anlatdı. Bunların hamısı hökmdarın azərbaycanlıları sevmədiyini göstərir. Mən sizi ölümdən qurtardığım üçün özüm və ata-anam həbsə alındı. Atabəy qızın qəlbini ələ gətirmək üçün dedi: – İncimək lazım deyil. Hökmdar hər kəsə inana bilməz. Bir qızın vasitəsilə məni həyətə çağırıb öldürə də bilərdilər. Həyat məsələlərində diqqətli olmaq lazımdır. Lakin bunu sənə də məsləhət görürəm. Bir yaxşılığa qarşı göstərdiyim nəzakətsizliyi unut. Sənin atanı da, ananı da çağırıb üzr istəyəcəyəm. Evinizdən aldığım gözəl xatirələr mənim həyat tariximdə unudulmayacaqdır. Xüsusən, mən gözəl qızı heç də unuda bilməyəcəyəm. Bu qədər gözəl qızdan və bu mədəni mənzərədən ayrılmaq mənim üçün bir taxt-tacdan ayrılmaq qədər çətin olacaqdır. Qız heç də danışmırdı. Hökmdar sanki sözlərini divar və divardakı pərdələrə deyirdi. Buna görə də padşah qıza sual verdi: – Əcəba, mənim sənə vədə verdiyim böyük bir mükafat səni razı salarmı? Sən dünyanın məşhur bir xanımı olmağı istərsənmi? Qız yemək şeylərini yığmaq istərkən, etinasız bir tövr alaraq dedi: – Hər kəs öz damının altında xanımlıq qurmaqla xoşbəxt ola bilər, hər kəs öz qazandığı ilə mükafatlansa daha yaxşıdır. – Sən mükafatı qazanmışsan. – Mən bir mükafata səlahiyyətdar olsam belə, siz mənə verəcəyiniz mükafatı özünüz qazanmamışsınız. Hökmdar bilməlidir ki, mükafat almaq olar, lakin hər kəsdən yox. Bir az əvvəl xain və qatil hesab etdiyiniz qız, hansı bir vicdanla sizin mükafatınızı qəbul edə bilər?! Önünüzdə duran qız sizin qapınızı elə bir xain fikirlə döysəydi, hökmdarı həyətə çağırmaq lazım deyildi. Siz qapını açan kimi mən sizi öldürərdim. Heç kəs də bilməzdi. – Sən dünən gecə mənə dediyin sözlərindən indi peşman olursanmı? – İnsan düşünərək deyilən sözdən peşman olmaz. – Sənə Gözəl adını kim qoyubdur? Bu ad sənin üçün nə qədər uyğundur. Körpə ikən onlar sənin bu qədər gözəl qız olacağını haradan bilmişlər? – Atam və anam qoymuşdur. Burada bir çətinlik yoxdur. Onlar kəndlidir, nə əkib, nə biçdiklərini bilirlər. – Sən olduqca gözəlsən. Xasiyyətin daha gözəldir. Söylə, mən səni nə ilə mükafatlandırım? Nə üçün öz hökmdarını şadlandırmaq istəmirsən? – Elə bilirəm ki, hökmdar mənim istədiyim mükafatı verməyə qadir deyildir. Çünki mən istədiyim hökmdarlığın əsas arzularının əleyhinədir. – Mənim hər bir şeyə qüdrətim vardır. Hər nə istəyirsən istə, mən öz arzularımı da sənə qurban verə bilərəm. – Mən istəyirəm ki, hökmdar qayıdıb öz yerinə getsin, qabaqda qış gəlir, xalqa rahatlıq versin. Bu ikinci kərədir ki, sizin ordunuz bu məmləkəti dağıdır. Bu xalqa rəhm etmək, həm xalqı, həm də məni mükafatlandırmaq deməkdir. Hökmdar buna qadirdirmi?! – Mən xalqa rahatlıq vermək məqsədilə nadinc adamları cəzalandırmaq üçün gedirəm. – O zaman hökmdar nadinc adamları öz ətrafına yığıb getməlidir. Siz nadinclərə də o qədər böyük ixtiyar veribsiniz ki, özünüzü öldürməyə qədər cəsarət ediblər. Hökmdarını öldürə bilənlər, rəiyyətlə dinc yola gedə bilərmi?! Qızın sözləri Atabəyi düşündürdü, özünün nə kimi bir xalq içində olduğunu və nə kimi bir mühitin insanları ilə qarşı-qarşıya durduğunu təyin etdi. Uzun dəqiqələr aralığı sükut bürüdü, nəhayət, Atabəy qıza müraciətlə: – Səndən üzr istəmək üçün yanıma çağırmışdım, çünki səni və ailəni rahatsız etmişdim. Eyni zamanda sənin bu qədər gözəl olduğunu bilmirdim. Gözəl gözünün yanı ilə ona baxaraq gülümsündü və: – Elədir hökmdar, hər şeyi bilmək bilməməkdən yaxşıdır, – dedikdə, Atabəy də: – Bilmədiyin zaman maraqlanır, biləndən sonra da dərdlənirsən. – Tək bir qız üçün dərd çəkməkdənsə, hökmdar öz məmləkətinin dərdini çəkməlidir. Yalnız bir qızın gözəlliyi ilə bir məmləkəti gözəlləndirmək olmaz. Bütün məmləkətin gözəl olmasının qeydinə qalın. Əlahəzrət, siz ki, gözəlliyin əleyhinəsiniz? Gözəl təbiətə malik olan Azərbaycanı dağıtmaq gözəlliyə qarşı xəyanət deyildirmi?! Araz çayı ilə Kür çayının arasındakı cənnəti at dırnaqlarında çeynədən bir hökmdar, gözəllik tərəfdarı olduğunu iddia edə bilərmi?! – Mən atanı yanıma çağırıb məsələni ona aça bilərəmmi? – Hansı məsələni? Azərbaycanı dağıtmaq məsələsinimi? – Xeyr, gözəl qızın məsələsini. – Mənə aid məsələni atamla həll etməyin nə mənası vardır? Əcəba, hökmdar mənim məsələmi həll etmək üçünmü ordu çəkib gəlmişdir? – Sənin bu məsələni şəxsən həll etmək üçün səlahiyyətin vardırmı? – İnsanların hamısında öz məsələsini həll etmək üçün səlahiyyət vardır. Bəzən bu səlahiyyəti insan azadlığının əleyhinə düzəlmiş qanunlar insanlardan alır. – Kimdən tərbiyə aldın? – Anamdan. – Anan elmlidirmi? – Həm elmli, həm də tərbiyəlidir. – Anan hansı ailədəndir? – Bilmirəm sizə nəyi deyim və kimləri anladım. Siz Azərbaycanda hansı ailəni tanıyırsınız? Şairlərdən, ədiblərdən, ziyalılardan və məşhur qəhrəmanlardan tanıdığınız adamlar vardırmı? – Mən Azərbaycanda mötəbər şairlərdən Nizamini, Xaqanini, Əbül-Ülanı tanıyıram. Ruhanilərdən xətib Gəncəvini, əyanlardan Süleyman ibni Bərəkəti, qəhrəmanlardan isə Fəxrəddini tanıyıram. – Son adını çəkdiyiniz zat mənim doğma dayımdır. – Elə isə səni təbrik edirəm, xoşbəxt qızsan, səni bir daha xoşbəxt etmək istəyirəm. – Hökmdar məni nə kimi bir şeylə xoşbəxt edə bilər?! – Keyqubad və Firidunların tacından qiymətli olan tacımla. Qız gülümsünərək hökmdara dedi: – Bəlkə də hökmdar tacı çox qiymətli hesab edir, lakin məncə, onun baş üçün vediyi ağırlıq qiymətindən daha ağırdır. – Səni Cümşidin taxtına meydan oxuyan uca taxtımla sərəfraz edərəm. – Böyük şair Nizaminin padşahlara həsr etdiyi şeir əlahəzrətin nəzərinə çatmadımı? Atabəy təəccüblə soruşdu: – Hansı şeri?! – Nizami padşahları qəflət yuxusundan ayıltmaq üçün yazdığı şeirdə deyir ki: – "Ey hökmdar, çox da taxtım-taxtım deyərək məğrur olma, əcəlin atı daima yəhərli halda durur. Hər taxtın kölgəsində bir də bir tabut vardır". – Səni dünyanı öz ovcunun içində saxlayan bir hökmdar sevərsə, onunla iftixar etməzsənmi? – Hansı şərtlə iftixar edərəm? Dünyanı ovcunun içərisində saxlayan qüvvət elin qüvvəti deyil, öz şəxsi qüvvəti olsaydı, iftixar edərdim. Lakin xalqın qanı və canı ilə əldə edilən qələbəyə tək-tək şəxslərin iftixar etməsi düzgün deyildir. Hökmdar xalqın qüvvətinə güvənir. – Mən özüm də pəhləvanam. İndiyə qədər mənimlə tək-tək qarşı-qarşıya çıxanların qalib gəldiyini görməmişəm. Səni sevən zat hələlik öz qılıncını bir kimsəyə təslim etməmişdir. Mən bir ölkənin və bir məmləkətin pəhləvanı deyiləm, cahanın pəhləvanıyam. – Məni sevməyin şərtləri vardır. Yalnız pəhləvanlıqla məsələ bitmir. – Nə kimi şərt? Gözəl qız, onu söylə, hökmdar bu gözəlliyə qarşı bəndəlik etməyə hazırdır. – Məni sevən, xalqımı sevməlidir. Mənim sevdiyim zat, bu xalqın düşməni olmamalıdır. Çünki mən bu torpaqda və bu xalqın içərisində doğulmuşam. – And içirəm. – Hökmdar bilməlidir ki, bizim elin adətində and içib andını sındıran adamdan da düşmən adam yoxdur. Hərgah andı sındırsanız, onda necə olsun?! – O zaman məni cəzalandırmağa haqqın vardır. İndi de görüm, atanı çağırıb danışımmı? Atabəyin bu təklifindən sonra Gözəl heç bir söz demədi, bu sükut onun razılığı demək idi. Gözə öz qəlbində Atabəyin bu sevgisindən istifadə edib, Aran xalqını qətl-qarətdən qurtarmağı və öz xalqını xoşbəxt etməyi düşünürdü. Buna görə də Atabəyin təklifini rədd etmədi. Qabları da, süfrəni də yığışdırıb getdi. Atabəy öz katibi kiçik Buğanı çağırıb tapşırdı: – Həbsə alınan caniləri möhkəm saxlayın. Mən bu sui-qəsdin Qızıl Arslan tərəfindən düzəldiyinə inana bilmirəm... Burada başqa əllərin işləməsi ehtimalı vardır. Mənim həyatımı təhlükədən qurtaran qızın xidmətini ən uca bir mükafatla qarşılamaq istəyirəm. O, həm gözəldir, həm də bir igiddir. Onun bütün varlığı hökmdara layiq bir qız olduğunu oxuyur. Qəhrəman bir nəsil yaranması üçün belə bir qadın lazımdır. Buğa bu sözlərdən gülümsünərək hökmdara sual verdi: – Bəs Mələkə?! – Mələkə yenə də öz mələkəliyində qalır, bu qız mələkəlik düşkünü deyildir. Elə zənn edirəm ki, mən ailə xoşbəxtliyini ancaq bu qızda tapa biləcəyəm. Bu, sözü çox açıq danışır. Bu cür qadınlarla anlaşmaq çox da çətin deyildir. Mənim mələkəm isə şübhəli bir qadındır, nə istədiyini öyrənmək mümkün deyildir. Doğrusu ki, mən mələkədən qorxuram. O mənim üçün bir təhlükədir. İndi, gedib qızın atasını mənim yanıma çağır. Kiçik Buğa getdi. Atabəy özünün qız haqqında fikirlərini mühakimə etməyə başladı. "Doğrudur, o bir kəndli qızıdır, lakin ədəb və mərifətcə yüzlərcə qətibələrdən üstündür. Mənim taxt-tacım vardırsa, o da yüzlərcə taxtın zinətidir. Əgər mən dünyanın məşhur pəhləvanıyamsa, o da dünyanın adlı-sanlı gözəlidir. Mən bütün dünyanı öz kəməndimə sala bilərəmsə, o da dünyaları kəməndinə salan bir pəhləvanı öz kəməndinə salmaq hünərinə malikdir. Əgər mənim oxumdan can qurtarmaq mümkün deyilsə, onun da qəmzəsinin oxundan qurtara bilmədim. Mənim qılınc vurmağım bütün İraq və Ərəbdə şöhrət qazanmışdırsa, onun qılıncdan kəskin dili də, daş qəlbləri deşə bilər. Onun da kaman qaşları və ox qədər iti kirpikləri vardır. Mən dünyanın qanını tökdürmüşəmsə, lakin o da öz gözəlliyi ilə böyük qanlara səbəb ola bilər... Onun dişləri kimi inci və dodaqları kimi yaqut hansı padşahın xəzinəsində tapıla bilər?! Onun ağlı-qırmızılı çöhrəsilə müqabilə dura biləcək almaq hansı bir bağçanın ağacında bitə bilər?". Hökmdar bu barədə çox düşündü və nəhayət, bir fal vuraraq: – "Kim bilir, bəlkə də bu təsadüf bir qələbənin başlanğıcıdır" – dedi və qalxıb otağı dolaşmağa başladı. Kiçik Buğa ilə Gözəlin atası Canpolad otağa daxil oldu və baş endirib durdu: Atabəy onun salamını alaraq: – Otur, qoca, – dedi. Canpolad qapının qabağında oturmaq istərkən Atabəy onun qolundan tutub bir az əvvəl Gözəlin oturduğu kürsünün üstündə əyləşdirdi. Kiçik Buğa çıxıb getdi. Atabəy sözə başladı: – Mən sizi iki işdən ötrü yanıma çağırmışam. Onlardan birisi razılıq izhar etmək, ikincisi də üzr istəməkdir. Qızın mənim həyatımı təhlükədən qurtardı, buna görə təşəkkür edirəm. Hazırda mənim həyatım sizin ailənizə minnətdardır. Eyni zamanda bu hadisədən ötrü sizi həbs etdirməyimdən üzr istəyirəm. Özünüz dünyanı görübsünüz, sizdə yaxşının və yamanın təcrübəsi vardır. Bilirsiniz ki, insana bir fəlakət üz verdiyi zaman öz mühakimə qüvvəsini itirir, dostunu düşmənindən ayırd edə bilmir. Gecənin vaxtında baş verən bu hadisə məni təbii halımdan çıxartdı, nə edəcəyimi bilmədim. Canpolad hökmdarın sözlərini təsdiq edərək dedi: – Padşah doğru buyurdu. Lakin bu barədə üzr istəməyə gəlməz. Ola bilər ki, bizim həbs edilməyimiz padşah üçün ağır gəlir, çünki o, həbsxananın nədən ibarət olduğunu bilmir. Lakin biz kəndlilər buna öyrənmişik; çünki hökmdarın təyin etdiyi məmurlar bizi hər ayın başında həbsxanalara göndərirlər. O ki qaldı möhtərəm qonağın həyatını təhlükədən qurtarmaq, o da bizim ata-babamızdan qalmış bir vəzifədir. Hökmdar həzrətləri, bizim xalqımızın içərisində belə bir adət vardır: hər kəsin qonağının başına bir fəlakət gələrsə, o adam öz etibarını itirər. Elə bir adamın qapısının başından tikan asmaq lazımdır. Buna görə də tikan asılan qapıdan içəri qonaq girməz. Qonaqsız adam kəndin vətəndaşlıq hüququnu itirər, onu müştərək həyata buraxmazlar, cəmiyyət içərisində nüfuzunu itirər. Atabəy bu sözlərdən öz məqsədi üçün giriş əldə edərək Canpolada dedi: – Mən neçə gündən bəri sizin nə qədər alicənab və nəcib xalq olduğunuzu təyin etdim. Mən sizin kimi qonaqcanlı adamlar məmləkətimin heç bir tərəfində görməmişəm. Bu hörmətə müqabil qızınızı Eldəniz ailəsinə daxil etmək və xoşbəxt eləmək istəyirəm. Canpolad Atabəyin nə dediyini anladı və Atabəyi Canpolad kəndinin bəzi adətləri ilə xəbərdar etməklə öz arzusundan daşındırmağı düşündü: – Böyük hökmdar! Malımızın, canımızın ixtiyarı sizdədir. Biz nökərlərin nə cürəti vardır ki, sizin əmrinizdən boyun qaçırsın, lakin mən qızın barəsində danışmaq səlahiyyətini daşımıram. Atabəy təəccüblə sual verdi: – Nə üçün? Məgər sən ata deyilsənmi? – Malımızın, canımızın sahibi! Nə qədər övlad həddi-buluğa yetişməmişdir, onun tərbiyəsi bizim öhdəmizdədir. Lakin həddi-buluğa yetişəndən sonra, səlahiyyət cəmiyyətimizin ixtiyarına keçir. – Nə kimi cəmiyyət? – Kəndin dörd nəfər ağsaqqalı vardır. Hər ixtiyar onların əlindədir. – Ağsaqqallar hökumət tərəfindənmi seçilmişdir? – Xeyr, onları cəmiyyətimiz seçibdir. – Əcəba, sizin hökumətiniz yoxdurmu?! – Hökumətin vergilərini də haman ağsaqqallar verir. – Bəs divan və cəza işləri kimin əlindədir? – Bir yerdə ki, haqsızlıq, oğurluq, yalançılıq, təcavüz, adam öldürmək, bir-birini incitmək olmasın, daha orada kimlərə cəza verilə bilər? – Biri-birinin mülkünü zorlarsa və yaxud suyunu kəsib öz bağına apararsa, onu cəzalandırmaq vəzifəsi kimin öhdəsinə düşəcəkdir? – Burada tək-tək adamların mülkü yoxdur. Sular da, bağ-bağçalar da, zəmilər də – nə ki var, – bütün xalqın malıdır. – Necə yəni xalqın malı?! – Bəli, xalqınkıdır; çünki burada bağların, bağçaların sərhədi yoxdur, hər kəs torpaqda işləməlidir. – Bəs məhsulunu kim aparır? – Məhsul elliyindir. Hər kəs bir anbardan yeyir, bir kisədən xərcləyir, bir biçim, bir ölçüdə olan binalarda yaşayır. Mənim evimdə gördüyünüz şeylər hər kəsin evində vardır. – Bu otaqlar ki, mən yaşayıram, kimə məxsusdur? – Xalqındır, eyni zamanda mənimkidir. Ailədə nə qədər adam varsa, adam başına bir otağı olmalıdır. Biz üç nəfərik, üç də otağımız vardır. Eyni zamanda hər ailədə qonaq üçün əlavə iki otaq vardır. Buradan qürbət ölkəyə qız vermək qadağandır. Kəndin qızları kəndin oğlanlarına ərə getməlidirlər. Hərgah qız oğlandan artıq olarsa və yainki qız başqa kəndin oğlunu sevərsə, o zaman oğlan gəlib bu kəndin adətini qəbul etməklə kəndin vətəndaşlığına girməlidir. Lakin bu da asan iş deyil. Ağsaqqallar haman adamın əsil-nəsəbini lazımınca öyrənməlidir. Hərgah olduğu yerində ondan və tayfasından bir yamanlıq baş verməmişsə, o zaman ağsaqqallar onun bu kəndin qızına evlənməsinə və kəndin vətəndaşı sayılmasına icazə verərlər. Oğlanlar da bunun kimidir. Hərgah oğlan başqa yerdən bir qız sevib kəndə gətirmək istəyirsə, ağsaqqallar qızın namuslu və tərbiyəli bir qız olmasını yoxladıqdan sonra bu kəndin cəmiyyətinə daxil olmasına icazə verərlər. Buna görə də mən elimizin adətini pozub qızımı əlahəzrətə vədə verə bilmərəm. O zaman kənddə vətəndaşlıq hüququnu itirmiş olacağam. Mən elə bilirəm ki, əlahəzrət mənim ömrümün sonlarında bədbəxt olmağıma razı olmaz. Atabəy dərindən düşünməyə başladı. Onun görüb və eşitdiklərinin yaşadığı dünyada deyil, gözəgörünməz başqa bir aləmdə yarandığını zənn etdi. O bu xalq ilə daha artıq maraqlandı və öyrənmək istəyərək soruşdu: – Sizin uşaqlarınız təhsilini kimdən alır? Kəndinizdə neçə nəfər ruhani vardır? – Bizim kəndimizdə ruhani tapılmaz; çünki onlara ehtiyac yoxdur, onların deyəcəyi sözü bir kərə qədim babalarımız bizə demişdir. Bizdə günah edənlər də yoxdur ki, onları cəhənnəm əzabından qorumaq lazım gəlsin. Hərgah doğrudan da behişt vardırsa, biz ondan məhrum olmayacağıq, çünki içimizdə günah edən adamlar çox az tapılar. Atabəy bunların müsəlman olmaları barəsində şübhələndi. Buna görə də sual verdi: – Din məsələləri üçün başınız kimə bağlıdır? – Biz din cəhətdən ancaq qardaşlığı tanıyırıq. Bu barədə əxlaq tərbiyəmizi Əxi Fərrux Zəncani həzrətlərindən alırıq. – Siz müsəlman deyilmisiniz? – Bizim xalqımızın içərisində din ancaq əxlaqdan ibarətdir. Əxlaq dərsinin əsası isə Əxi Fərrux göstərən qardaşlıq yolundan ibarətdir. Bizim bütün diqqətimiz dünya işlərinədir. Sənət, musiqi, şeir, təmizlik, sədaqət, doğruluq ən sevdiyimiz işlərdəndir. Atabəy yenə də bunların nə din və nə əqidədə olduqlarını təyin edə bilmədi. Lakin bu cəhət onun məqsədinə mane də törədə biləcək cəhətlərdən deyildi. Buna görə də o, söhbəti yenə də Gözəl məsələsinin üzərinə çəkib dedi: – Bunların heç birisi, mənim sizin ailənizi şərəfləndirmək məqsədlərimə bir mane də törətməyi bacarmaz. Mən sizin həyatınızla maraqlanıram, buna görə də icazə verin mən də bu həyatda sizinlə bərabər iştirak edim. Canpolad yenə də Atabəyin arzularından boyun qaçırmaq məqsədilə dedi: – Mən elə bilirəm ki, əlahəzrət qızın xasiyyəti ilə tanış olursa, öz fikrindən daşınar. Doğrudur, qız gözəldir. Lakin onunla bir ailə düzəldib yaşamaq mümkün deyil. O heç bir zaman kişiyə itaət etməz. Doğrudur, qızdır, lakin kişilik iddiasındadır. Peşəsi at minmək, qılınc, nizə oynatmaq, ox atmaq, mizraq işlətməkdir. Nədənsə, cəmiyyətimiz ona qadınlıqdan tələb olunacaq şəkli verə bilmir. Zənnimcə, qızın burdan getməsinə kəndimizin xalqı da razı olmaz; çünki bu qız ərsəyə gələndən bəri bu kənddə bir nəfər də olsa oğru ayaq basa bilməmişdir. Bu igid qızın səbəbinə bizim yaylağımızdan bir quzu aparan olmaz. Bunun üçün də əlahəzrət məni həbsə aldığı zaman o dedi ki, bu həyətə azərbaycanlı girməz, bu evə girənlər yabançılardır. Atabəyin marağı daha da artdı və qəlbində: “Belə bir qızı əldə etmək zəngin bir məmləkət əldə etməkdən daha qiymətlidir”, – dedi. Canpolad da, Atabəyin özü də oturub düşünürdülər. Atabəy qəlbində deyirdi ki: “Əsası çürümüş xəlifə ilə qohum olmaqdansa, gözəl, igid, dilli, mərifətli bir kəndli qızına evlənmək daha yaxşıdır. Bir halda ki, qızın dayısı da Fəxrəddindir. Mən onunla qohum olandan sonra Aran məsələsini həll etmiş olacağam”. Atabəy çox düşüncədən sonra bir daha Canpolada müraciət edib dedi: – Mən sizin adət və əqidənizi qəlbən sevirəm. Sizin qızınızı xoşbəxt edəcəyimə and içirəm. – Mənim qızım onsuz da xoşbəxtdir. Gözəlin canına yalandan and içən hər kəs olursa olsun, bu kənddə yaşaya bilməz. Bir kəsi inandırmaq üçün ancaq Gözəlin canına and içmək lazımdır. Mən bilmirəm, Gözəlin özü hökmdardan belə bir andı tələb etdimi? – Bəli, Gözəl özü bu andı məndən tələb etdi, mən də and içdim. – Əcəba, böyük məmləkətin padşahı, bu kiçik kənddə yaşamağa və buranın vətəndaşlığına girməyə razı olacaqmı?! – Mən bu kəndin vətəndaşı olandan sonra kənd tamamilə dəyişəcəkdir. Mən hər yerə getsəm, yenə də bura qayıdacağam. Gözəli bu kəndin əlindən almamağa söz verirəm və onun canına and içirəm. – Mənim etirazım yoxdur, məsələni qızın özü və ağsaqqallar həll etməlidir. – Elə isə siz ağsaqqalları mənim yanıma çağırın. Qoy onlar bura gəlsinlər, mən onlarla danışaram, sonra qızı da çağırarsınız. Zənn edirəm ki, qızın razılığı vardır. – Bilmirəm qıza evlənmək üçün bizim adətləri qəbul edə biləcəksinizmi? – Qəbul edəcəyəm. – Qəbul etsəniz belə, yerinə yetirə bilməyəcəksiniz. Hərgah siz bir kəndli və bir sadə rəiyyət olsa idiniz, bəlkə də adəti-şərtlərimizi yerinə yetirə bilərdiniz. Şərtlərimizdən birisi budur ki, xaricdən bura evlənmək və kəndin vətəndaşlığını qəbul etmək üçün gələn adam bizim müqəddəs mirasa belə bir and içməlidir: “Mən and içirəm ki, nə qədər ömrüm və həyatım varsa, dünyada heç bir kəs nə əlimdən, nə dilimdən və nə də fikrimdən inciməyəcəkdir”. Əcəba, padşah olan bir adam belə bir anda əmal edə bilərmi? Atabəy heç də düşünmədən: – Edə bilərəm. Mən öz nəslimi bu nəslə calamaq üçün hər bir çətinliyə qatlaşa bilərəm, – dedikdə Canpolad da: – Nəslimiz Atabəyi razı sala biləcək bir nəsil deyildir. Bəlkə də siz bizim keçmişimizi öyrənərkən bizə nifrət bəsləyəcəksiniz. – Əcəba, bu qədər nəcib və alicənab adamların nəslinə nifrət bəsləmək üçün kimə icazə verirlər? Danışın, məndən çəkinməyin, hər kəs nə dində olursa olsun, yenə də mənim rəiyyətimdir. Canpolad qorxa-qorxa öz kəndinin və nəsillərinin keçmişi haqqında danışmağa başladı: – Bilmirəm, bu kəndin şərqindəki dağla əlahəzrət məşğul olmuşdurmu? O dağa qədimdən “Çoban-Qaya” dağı deyirlər. Bu dağ suları, çəmənləri, otlaqları və bulaqları ilə məşhurdur. Bələqandan Qarabağa gedən karvanlar həmin bu dağdan aşıb getməlidir. Yaxın kəndlərin mal-qarası yayı başa-baş burada bəslənirlər. Vaxtilə bu dağlarda Qaya adlı bir çoban qoyun otararmış. Günlərin birində Qaya öz qoyunlarını suvarmaq üçün Nəsib çeşməsinin başına gətirdiyi zaman çeşmənin yaxınlığında bir ağlamaq səsi eşidir. O səs Qayanın fikrini məşğul edir, qoyunlarını buraxıb səs gələn tərəfi axtarır və o hiss edir ki, bu səs uşaq səsidir. Qaya çoban bu cür hadisələrə tez-tez təsadüf edərmiş; çünki el köçdüyü zaman uşaqların köçdən düşüb qalması çox da təəccüblü iş deyildi. Qaya bir neçə saat gəzəndən sonra daşların arasında təmiz yorğana bürünmüş bir uşaq qoyulduğunu görür. Çoban uşağı götürürkən hər şeyi unudur, qoyunları çeşmənin başında buraxıb karvana yetişib uşağı vermək üçün tələsir. O, dağdan düşüb həmin bu kəndin yerində olan dörd evli binəyə gəlir, uşağı qadınına göstərir. Qadını uşağı yorğandan açıb baxdığı zaman, uşağın belinə bağlanmış qırmızı bir ipək dəsmal və dəsmalın içərisində bir qədər qızıl, bir çox da qiymətli daşlar olduğunu görürlər. Qaya bu qızılları və daş-qaşı gördüyü zaman uşağı karvana yetirmək fikrindən daşınır. Qızılları və qiymətli daşları, hətta dəsmalda olan yazılı bir kağızı haman ipək dəsmala bağlayıb balaca bir qutuda gizlədirlər. Onlar bu sirri bir kimsəyə bildirməmək üçün kağızı da heç bir kəsə oxutmaq istəmirlər. Onlar uşağın adını Canpolad qoyub bəsləyirlər. Uşaq on səkkiz yaşına çatdığı zaman öz Gözəl adında qızlarını da Canpolada verirlər. İllər uzunu oğlanla qız qocalmış çobanı əvəz edib dağlarda qoyun otarırlar. Onların bir neçə uşaqları da olur. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb bir kənd şəklinə düşür. Qaya ölür. Canpolatla Gözəl, gözəl bir həyat düzəldib yaşamağa başlayırlar. Günün birində axşamçağı Canpoladın qapısı vurulur. Canpolad qapını açdığı zaman beli bükülmüş və tükləri ağarmış bir qoca içəri girir. O: – Qonaq istəyirsinizmi? – deyə soruşduqda Canpolad və Gözəl onu çox hörmətlə qəbul edirlər. Qoca onların evində bir neçə vaxt yaşayır. Canpolat və gənc qadını qocanı öz ataları kimi sevməyə başlayırlar. Nəhayət, gecələrin birində qoca onların atasından, anasından danışır və atalarının öz sağlığında nə işlə məşğul olduğunu soruşur. Canpolad deyir ki, mənim atam Qaya adlı bir çoban imiş. O məni bəsləmiş və bu boya çatdırmışdır. Lakin həqiqi atam məlum deyil, Qaya çoban məni dağdan tapıb böyütmüşdür. Qadınım Gözəl də haman Qaya çobanın qızıdır. Naməlum qoca bu söhbətdən sonra bir az düşünərək: – Sən öz atanın kim olduğunu bilmək istəyirsənmi? – dedikdə, Canpolad diqqətlə qocanın üzünə baxır, “yəqin ki, qoca mənim atamdır” – deyə qəlbində bir həyəcan başlayır və qocaya sual verir: – Söylə, qoca, sən mənim atammısan? – Yox, mən sənin atan deyiləm, lakin atanın kim olduğunu bilirəm. Lakin çobandan sizə qalan mirası mənim yanıma gətirsən, atanın kim olduğunu sənə deyə bilərəm. – O mirasdan xəbərim yoxdur. – Axtarmaq lazımdır. Naməlum qocanın bu sözündən sonra Canpolad hər yeri axtarır. Nəhayət, odunların altından bir qutu çıxarıb gətirir. Qoca qutunu açıb əvvəlcə kağızı Canpolada oxuyur və sonra da qiymətli şeyləri ona qaytarıb deyir ki, bunları yaxşı saxlayın. Bunlar gələcək üçün müqəddəs bir mirasdır. Bu hadisədən sonra, qoca bir neçə ay orada qalıb Gözələ və Canpolada dərs verib yazı öyrədir və onların atasının yolunu və qoyduğu qanunları nə ki var onlara və uşaqlarına tanıdır. Qoca bu vəzifəni bitirəndən sonra Canpolad və qadını evdə olmadığı zaman birdən-birə yox olur. Hansı tərəfə getdiyi məlum olmur. Canpolad bu hekayəni Atabəy Məhəmmədə danışandan sonra bir daha əlavə edir: – Haman miras nəsildən-nəslə, atadan oğula keçə-keçə, nəhayət, mənim atamın əlinə çatıbdır. Hazırda sizin bəyəndiyiniz Gözəl qız haman çobanın qızı Gözəlin adını daşıyan qızdır. Hüzurunuzda oturan Canpolad isə haman Qaya çobanın dağdan tapdığı Canpoladın nəvəsidir. Atabəy bu sözləri eşitdiyi zaman qocanın ona nağıl dediyini zənn etdi və onun dediklərinin doğru olub-olmadığını yoxlamaq üçün soruşdu: – Hazırda haman müqəddəs dediyin miras haradadır? – Bizim kəndimizdədir. – Onları mənə göstərə bilərsinizmi? – Mənim ixtiyarımda deyil. – Kimin ixtiyarındadır? – Kəndin ağsaqqallarının əlindədir. Çünki bu şeylər kənddə yaşayan xalqın babalarına məxsusdur. Onun üçün ağsaqqalların ixtiyarında olmalıdır. – Gedib ağsaqqalları mənim yanıma çağır. Onlar haman mirası mənə göstərmək üçün gətirsinlər. Həm də onlar üçün qızınız Gözəlin məsələsini danışın. İndi ki, ixtiyar ağsaqqallardadır, qoy onlar bu məsələni də həll etsinlər. Canpolad baş əyib getdi. Atabəy isə hər fikri buraxıb, ancaq bu məsələ ətrafında düşünürdü. O, Gəncə üstünə hücum etmək kimi qorxulu və çətin bir hadisəni tamamilə xatırından çıxarmışdı. O öz qəlbində bu hadisəni tarixi bir kəşfiyyat hesab edərək axıra qədər çalışmaq və yazılı kağızı oxumaq istəyirdi. Yarım saat keçəndən sonra Canpolad içəri girdi: – Əlahəzrət, ağsaqqallar hüzurunuza gəlmişdir, – deyərkən Atabəy sevindi və: – Qoy içəri buyursunlar, – dedi. Atabəyin fikrincə, ağsaqqallar xariqüladə bir qiyafətə malik olan şəxsiyyətlər idi. Lakin bir azdan sonra adi kəndli paltarında dörd nəfər qoca içəri girdi və salam verib ayaq üstündə durdular. Atabəy onların salamlarını alıb oturmaları üçün yer göstərdi: – Əyləşin, möhtərəm ağsaqqallar, – dedi. Qocalar oturdular, ipək bağlıya bükdükləri qutunu Atabəyin qarşısında yerə qoydular. Böyük ağsaqqal ipək bağlıdan qutunu çıxardığı zaman: – Qutu, Qaya çobanın öz əli ilə qayırılmış qutudur, – dedi, əlini uzadıb qutunu açdı və qırmızı ipək dəsmalı oradan çıxartdı, oradakı qızılları, qiymətli daşları göstərdi, sonra dəri üstünə yazılmış məktubu Atabəyə verdi. Atabəy yazılı dəri parçasını alıb üstündəkiləri oxudu: “Ey bu körpəyə sahiblik edən insan! Xəlifə bu uşağın atasını və bütün nəslini məhv etdi. Hazırda qətl edilmək üçün xəlifənin adamları son qafiləni Bağdada sürməkdədir. Böyük bir nəsli davam etdirmək üçün bu körpəni dağda buraxıb getdik. Canavarların əlindən qurtarmaq istədik. Şübhə yoxdur ki, körpə ya canavar ağzına düşəcək, yainki bir insan tərəfindən tapılıb bəslənəcəkdir. Uşağın yanında qoyulan qızıl və cavahirləri xərcləyib bu uşağı böyüdün. Bu körpə, Babəkin son yadigarı və son uşağıdır”. Atabəy kağızı oxuyandan sonra qızıllara və qiymətli daşlara nəzər saldı. Sikkələrin xəlifə Məmun və xəlifə Mötəsimin vaxtında vurulan sikkələr olduğu məlum oldu. Atabəy yazılı dərini, qızılları və qiymətli daşları ipək dəsmala qoyub ağsaqqala qaytarıb: – Aparıb saxlayın, qiymətli və tarixi bir mirasdır, – dedi. Ağsaqqal şeyləri qutuya qoyub qurtarandan sonra Atabəy əsil məqsədinə keçərək: – Mən sizi ikinci bir məqsəd üçün bura çağırmışdım. O məqsəd, mənim bu nəcib və bu tarixi ailə ilə qohum olmaq məqsədimdən ibarətdir. Mən bu barədə qızın özü və atasilə danışmışam. Yerli adətlərə görə bu izdivacın icazəsi siz ağsaqqallardan asılıdır, – dedikdə, ağsaqqallardan biri ayağa qalxıb baş endirib danışdı: – Hökmdar canımızın, malımızın sahibidir, lakin o bizim ata-baba adətlərimizə toxunmamalıdır. Bizim başqa yerdən qız almağa ixtiyarımız vardır. Başqasının da gəlib yerlimiz olmasına inandığımız zaman qız verə bilərik. Kəndimiz heç bir zaman Gözəlin buradan çıxarılmasına razı ola bilməz, bu mümkün deyil. Atabəy Canpolada dediklərini təkrar edərək dedi: – Mən Gözəlin canına and içmişəm, o andı heç vaxt sındırmayacağam. Mən Gözəli bu kənddən heç bir tərəfə aparmayacağam. Bu barədə ona söz verirəm. Kəbin kağızında da bunu qeyd edə bilərsiniz. Ağsaqqal gülümsəyərək Atabəyə cavab verdi: – Atabəy bilməlidir ki, bizdə kəbin qanunu yoxdur. Evlənənlərdən qız bu müqəddəs mirasa, kişi isə qızın canına and içməlidir. Verilən andı sındırmaq isə boşanıb və boşamaq deməkdir. Hərgah bu şərtlər qızın və oğlanın tərəfindən qəbul olunubdursa, ağsaqqalların etirazı yoxdur. İndi qızın bura çağırılması və atasının razılıq verməsi lazımdır. Canpolad razılıq verdi, qızın dalınca adam göndərildi. İyirmi dəqiqədən sonra başından ayağına qədər ağ ipəklərə bürünmüş bir qız başını əyib qapıdan otağa daxil oldu və təzim edib otağın bir tərəfində dayandı. Ağsaqqal Gözələ müraciət edərək: – Sən bu başqa yerlinin Canpolad kəndinin vətəndaşı olmasına razısanmı? – dedikdə Gözəl başını qaldırıb cavab verdi: – Elin adətinin mühafizə edilməsi şərtilə razıyam. Ağsaqqal Atabəyə müraciət edərək dedi: – Əlahəzrət Atabəy zəhmət çəkib qızın yanında durmalıdır. Atabəy qalxıb Gözəlin yanında durdu, ağsaqqalın verdiyi təlim üzrə and içdi: – Yerli adətə xəyanət etməyəcəyəm. Gözələ verdiyim vədələrə vəfa edəcəyəm. Bunun üçün də Gözəlin canına and içirəm! Atabəy bu andı verəndən sonra Gözəl də tarixi miras saxlanan qutunun yanına gələrək yerə oturdu və: – Ərim mənə verdiyi andı sındırmayınca ondan üz çevirməmək və ona xəyanət etməmək üçün bu böyük mirasa and içirəm! – dedi və yenə də qalxıb geri çəkildi, Atabəyin yanında durub ağsaqqalın cavabını gözlədi. Ağsaqqal tarixi miras saxlanan qutudan bir kitab çıxarıb bir səhifəyə qızın, başqa bir səhifəyə də Atabəyin verdikləri andı yazaraq dedi: – İzdivacınızın tarixini bu səhifələrə yazdım. Çalışın ki, bu tarixin altından boşanmağınızın tarixi yazılmasın. Gözəl: – Andımı sındırmamağa söz verirəm! – dedikdə, Atabəy də bunu təkrar etdi. Ağsaqqalların dördü də birdən: – Mübarək olsun! – deyərkən Gözəl əlini Atabəyin əlinə uzatdı. Atabəy onun əlini əlinə alıb durdu. Nə olacağından xəbəri yox idi. Yalnız Gözəl dodaqlarını onun dodaqlarına uzadıb öpəndən sonra, elin belə bir adəti də olduğunu anladı. Ağsaqqallar qalxıb getmək istərkən Atabəy katibi çağırıb hər birisinə yüz qızıl verməsini əmr etdi. Ağsaqqallar isə bu mükafata qarşı təşəkkür edərək: – Əlahəzrətin ömrü uzun olsun, lakin bizdə pul almaq adətləri yoxdur, – dedilər. Atabəy katibinə toy hazırlığı görmək üçün əmr verdiyi zaman Canpolad da: – Əlahəzrət, hər şey burada qurtardı, bizdə toy adəti yoxdur, – deyə otaqdan çıxdı. * * * And Atabəy bir ay beş gün Canpolad kəndində vaxt keçirdikdən sonra payız yağışları sakit olmuşdu. Atabəy bir axşam yenə də aranlılardan məktub aldı. Məktubda yenə də aranlılar Atabəyin Həmədana qayıtmasını və Arana hakim göndərməsini, nahaq qanların tökülməsinə imkan verilməməsini təklif edirdilər. Gözəl bu təklifdən sevindi. O, Atabəyin aranlılara qarşı müharibə açmayacağına inandı. Atabəy həqiqətən aranlılara qarşı müharibə açmadı. Aranlılar ilə dostluq, qardaşlıq əlaqəsi yaratmaq, sülh bərpa etmək üçün qoşunu düşərgələrdə yerləşdirib az bir qüvvə ilə Nizaminin ayağına getməli oldu. Atabəy başındakı atlıları ilə Gəncəyə hərəkət etməzdən əvvəl Gözəlin dodaqlarından öpüb vidalaşarkən, Gözəl ona and içdiyini xatırladaraq dedi: – Sən and içdiyini unutma. Madam ki, aranlılar sülh istəyir, sən onlara qarşı müharibə açma. Atabəy onun saçlarını oxşayıb: – Mən müharibəyə getmirəm, orada sülh və əmniyyəti bərpa etmək üçün gedirəm, – dedi. Gözəl isə cavabında: – Mən buna inanıram, – dedi. – Amma bununla belə, mən sənə bir şeyi də xatırlatmaq istəyirəm. Aranlıların göndərdikləri məktubun son cümləsini xatırla! Onlar yazmışdılar: “Atabəy Aranın üstünə ordu və qılınc ilə gələrsə, biz də onu ordu və qılınc ilə qarşılayacağıq”. – Mən elə düşünürəm ki, onlar bu cürəti edə bilməzlər. – Mən də elə düşünürəm ki, nə Fəxrəddin, nə də onun yoldaşları əl-ayaqlarını boş qoyub deməyəcəklər ki, “Gəl bizi öldür”. Bu olmaz! Atabəy, yaxşı düşün, əgər sən onları təslim etmək üçün gedirsənsə, onlar sənə təslim əvəzinə qılınclarını və nizələrini uzadacaqlar. Onlar tək deyil, onların arxasında bütün Şimali Azərbaycan durur. Atabəy Gözəli inandırıb yola düşdü. Atabəy Gəncədə Nizamini yanına çağırıb aranlılar ilə əbədi sülh və qardaşlıq əlaqəsini bərpa etmək üçün tədbirlər tökdü. İşlər düzələndən və ölkədə asayişi bərpa edəndən sonra qoşuna geri çəkilmək üçün əmr verib ölkəni səyahətə çıxdı. * * * Atabəy Qızıl Arslanın göndərdiyi məktuba görə Həmədana hərəkət etməli idi. O, qadını Gözəlin əkiz doğduğunu eşitmişdi, buna görə də yol üstündə Canpolad kəndinə yanaşmaq və uşaqlarını görmək, Gözəlin sevimli əllərindən öpməyə tələsdi. Günortadan bir az keçmiş Atabəyin xasa alayı Canpolad kəndinin qabağından keçirdi. Atabəy öz adamları ilə bərabər dəstədən ayrılıb atlarını kəndə sürdülər. Kəndin gəncləri, gəlin və qızları Atabəyi görən kimi Canpolad kişinin evinə tərəf qaçıb qışqırdılar: – Padşah gəldi! Padşah gəldi! Səsə, Canpolad və onun qonşuları küçəyə çıxdılar. Bu anda Atabəy öz adamları ilə Canpoladın qapısında dayandı. Dərhal, Gözəl həyətə çıxdı. Həyətə yığışan adamlar atları tutdular. Həyətdə başqa atlar da var idi. Atabəy bu atların kimin olduğuna əhəmiyyət verməyib qonaq otağına daxil oldu. Gözəl və kəndin ağsaqqalları öz andına sadiq qaldığına görə Atabəyi alqışladılar. Bu sözdən sonra süfrə açıldı. Süfrənin üstünə sərin şərbət, toyuq qızartması düzüldü, meyvələr və əlvan yeməklər qoyuldu. Süfrə yığışdıqdan sonra bir qadın və bir kişi içəri daxil oldu. Onların hər birisinin qucağında bir uşaq vardı. Uşaqların ikisi də bir-birinə oxşayırdı və hər ikisi oğlan idi... Uşaqları gətirənlərdən birisi Gözəlin anası, o birisi də dayısı Fəxrəddin idi. Atabəy bu evlə Fəxrəddinin nə əlaqəsi olduğunu və onun nə münasibətlə bura gəldiyini bilmək üçün təəccüblə ağsaqqallardan soruşdu: – Möhtərəm ağsaqqalların icazəsi ilə Fəxrəddinin bu evlə nə əlaqəsi olduğunu öyrənmək istəyirəm, – dedi. Ağsaqqallardan biri təzim edib: – Əlahəzrətin təşrif gətirməsi münasibətilə uşaqlara ad qoyulacaqdır. Ona görə Gözəlin dayısı Fəxrəddin də bu təntənədə iştirak etmək üçün gəlmişdir. Atabəy “Gözəlin dayısı” sözlərini eşidən kimi təəccüblə soruşdu: – Əcəba, Fəxrəddin Gözəlin dayısıdırmı? – Bəli, əlahəzrət, dayısıdır, görünür Atabəy bunu unutmuşdur, – deyə həmin kişi cavab verdi. Bundan sonra Atabəy irəli yeriyib Fəxrəddinin boynunu qucaqlayıb dedi: – Gözəlin dayısı olmağınız münasibətilə özümü dünyada ən xoşbəxt və məsud bir adam hesab edirəm. Qucağında uşaq olduğuna görə Fəxrəddin Atabəyi qucaqlaya bilmədi, lakin cavabında: – Sizin kimi bir zatın bacım qızına evlənməsi münasibətilə mən də özümü xoşbəxt və məsud hesab edirəm, – dedi. Bundan sonra əkizlərdən əvvəl doğulan uşağı Gözəl Fəxrəddindən alıb Atabəyə verdi və dedi: – Hərgah öz evladın olduğuna inanırsansa, dodaqlarından öp, adını ver. Atabəy uşağı bağrına basıb öpdü: – Bu mənim sevimli oğlum Əbubəkrdir – dedi və bu sözdən sonra Gözəl uşağı alıb ağsaqqalların birisinə verdi. Atabəy sonra əlavə etdi: – Həm də o, mənim varisim və vəliəhdimdir, – dedi. Gözəl sonra ikinci uşağı Atabəyə verdi, yenə qabaqkı sözünü təkrar etdi. Atabəy uşağı bağrına basıb dodaqlarından öpdü. Böyük ağsaqqalın müqəddəs miras qoyulan qutudan çıxartdığı dəsmalı uşağın belinə bağlayıb: – Bu mənim sevimli oğlum Özbəkdir, – dedi. Böyük ağsaqqal dəsmalı açıb Atabəyə verdi. Bununla da adqoydu mərasimi bitdi. Atabəy bir neçə gün Canpolatın evində qonaq qalandan sonra vidalaşmaq istədi. Gözəl uşaqları gətirdi. Atabəy uşaqları alıb öpdü və anasına qaytardı. Fəxrəddin Atabəyin üzəngisini tutub ata mindirdiyi zaman o: – Mən, Atabəy Məhəmməd olmasa idim, Fəxrəddin olmaqla fəxr edərdim. Zənn edirəm ki, bu tanışlıq həm daimi, həm də dostanə olacaqdır. Fəxrəddin Atabəyə cavab olaraq: – Həm də bu dostluq xalqımızın istiqlaliyyətini daimi olaraq qoruyacaq və xalqımızın milli mədəniyyətinin artmasına zəminə yaradacaqdır. Atabəy isə Canpolada müraciətlə belə bir əmr verdi: – Mən bu kəndin adını oğlanlarımın yadigarı olaraq Püsəran kəndi qoyuram, – deyərək atını məhmizləyib kənddən uzaqlaşdı. * * * == Qılınc və qələm. İkinci hissə == Atabəy Məhəmməd və Səba xanım Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi. Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi. Atabəy, Zəhir Bəlxinin əcnəbi nümayəndəsi olduğunu və onun xərəzmşahlarla əlaqədə olduğunu, Kəmaləddinin isə Fars və Kirman istiqlalını bərpa yolunda çalışdığını bilməmiş deyildi. Lakin Atabəy, Toğrulun bunlarla olan əlaqəsinə müəyyən bir mündərica verə bilmirdi. Atabəyi Qətibənin tez-tez Bağdada getməsi və Hüsaməddini də bərabər götürməsi daha da dərindən düşündürürdü. O, Qətibənin təzə bir macəra törətmək istəməsinə inanırdı. Atabəy Məhəmməd Həmədanda başlanan bu macəranın Canpolad kəndindəki sui-qəsd ilə əlaqədar olduğunu da zənn edirdi. Lakin işi haradan başlamaq, əvvəlcə kimin haqqında təhqiqat aparmağı qərara ala bilmirdi. Nəhayət, Atabəy işə öz evinin içindən başlamağa qərar verdi. O, Qətibəyə yaxın olan cariyələri yoxlamağa və saraydakı sirlərdən soruşmağa başladı. Əvvəlcə nəzərində Səba xanımı tutmuşdu; çünki o, Qətibə ilə ən yaxın olan cariyələrdən idi. Eyni zamanda Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. Bunu Atabəyin özü də hiss edirdi. Axşam saat səkkizdə Səba xanım adəti üzrə, Atabəyin oğlunu atasının görüşünə gətirmişdi. Lakin Səba xanımın bu gecəki gəlişində Atabəyin diqqətini cəlb edəcək qədər bir fövqəladəlik vardı. Atabəy Səba xanımda gördüyü bu gecəki fövqəladəliyi Qətibədə görə bilməmişdi. Atabəy Səba xanımın hər bir hərəkətini diqqət-nəzərinə almışdı. Xüsusən Səbanın səsində və söhbətindəki zəriflik Atabəyin o gözəl qadını Qətibədə yox idi. Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi, zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. İnsan qəlbini aldatmaq və qəlbi gözlərə tabe etmək sənətində Səba xanımdan mahir bir sənətkar yox idi. Atabəy Məhəmməd Səba xanımı gördüyü zaman öz qəlbində: “Dünyanın adəti bunadır, cariyəliyə layiq olmayanlar mələkədir – mələkəliyə yaraşanlar isə cariyədirlər”, – deyirdi. Atabəy çoxdan bəri gözəl cariyəni “şərəfə nail etmək” istəyirdi. Ancaq cariyə özünə məxsus deyil, Qətibənin malı olduğundan öz fikrini həyata keçirə bilmirdi. Lakin Qətibənin Bağdad səfərində olduğu Atabəyə əlverişli bir fürsət qazandırdı; o, axşam yeməyində Səbanın iştirak etməsinə əmr verdi. Səba xanım Atabəyin oğlunu otağına aparıb gecə saat onda kamançasını da götürüb Atabəyin otağına girdi. Atabəy yarımsərxoş idi. O, Səba xanımın əlində kamançanı görərkən: “Otur gözəl cariyə, otur, səsini eşitmək istəyirəm” – dedi. Səba oturdu, kamançanın simlərini düzəltməyə başladı. Onun gözləri Atabəydə idi. Atabəyin ona vurulduğunu görürkən qəlbində şadlanır, Atabəydən böyük və geniş istifadə edəcəyinə əmin olurdu. Səba xanım şerlərini özünə və Atabəyə həsr edərək oxudu: Tikən bu ləblərə göz, bağrını kabab istər, Nə dildə səbr, fərağət, nə gözdə xab istər. Durub kəmində gözüm, kirpiyim, qaşım, zülfüm, Bü dərdü əlbir olub; çünki inqilab istər. Qaşım tutub səfi-müjganım üzrə əyri qılınc, Necə ki, şah baxar ləşkərə, hesab istər. Tutanda tər üzümü, gül üzümdə şəbnəmtək Gören bu şəbnəmi nə gül, nə də gülab istər. Səba xanım çalıb-oxuyur, Atabəy isə piyaləni bir-birinin ucuna bənd edirdi. Səba xanım Atabəyin gözlərinə baxıb düşünürdü: Atabəy onu şərəfləndirməyə hazırlanırdı. Lakin Səba xanım birinci görüşdə Atabəyə təslim olmayaraq özünün adi bir cariyə olmadığını göstərmək istəyirdi. Atabəy onun əlindən tutub qolları arasına çəkdiyi zaman Səba xanım: – Hökmdar, özünüzü ələ alın, mən əlahəzrətin hüzuruna bundan ötrü gəlməmişəm. Mən başqasının malıyam, Atabəyin öz gözəl cariyələri çoxdur. Mələkə məni Əbül-Üladan aldığı zaman bu gülü dərdirməmək üçün mənə qəti bir əmr vermişdir. Atabəy Səba xanıma sual verdi: – Mələkə səni bir başqası üçünmü saxlamışdır? Səba xanım utanaraq yavaşdan dedi: – Bəlkə də. – Sən ancaq bir hökmdara layiqsən, bir hökmdara da qismət olmalısan. – Doğrudur, hökmdar! Bir hökmdarı razı salmaq üçün bir mələkəyə xain çıxmaq lazımdır. Mənsə bunu istəmirəm. Xanım bu hüdudu keçmək üçün mənə icazə verməmişdir. Mən bir hökmdarın ailəsində yaşadığım üçün, namuslu və sədaqətli olmalıyam. Rica edirəm, əlahəzrət məni xanımın yanında utanmağa məcbur etməsin. – Sən, doğrudanmı xanımı sevirsən, yainki ondan qorxursan?! – Bu cəhətlərin ikisi də vardır. Əvvələ, o məni pul müqabilində almışdır, ikincisi də, o öz böyük ehsan və mükafatları ilə bu sevgini qazanmışdır. – Mənim ehsanlarım daha böyük, mükafatım isə daha genişdir. – Mən həqir cariyə də ancaq özümü bununla bəxtiyar hesab edirəm. – İki yüz qızıl gözlərin üçün. – İnsan yalnız gözlərdən ibarətmi? – İki yüz qızıl da al yanaqların üçün. – Əcəba, Atabəy tərəfindən bu qədər qızğın sevilən cariyə yalnız sevimli gözlərə və al yanağamı malikdir? – Çünki mən nə qədər düşündümsə, nar gülünün yarpağından daha qırmızı və təbiətin yaratdığı hər şirinlikdən ləzzətli olan dodaqlarını qiymət edə bilmədim. Səba xanım gülümsünərək soruşdu: – Əcəba, hökmdar tərifləndiyi dodaqların bu qədər ləzzətli olduğunu haradan bilir? Bəlkə də, əlahəzrət öz müqayisəsində səhv edir? – Gətir fikrimi yoxlayaq. Atabəy bu sözü dedikdən sonra onun əlindən tutub, özünə tərəf çəkdi, dodaqlarından öpüb buraxdı və onu qolları arasına almaq istərkən Səba xanım dartınıb çıxdı və: – Bu qədər kifayətdir. Bu da sizin müqayisəniz üçün idi, – dedi. Atabəy isə onu bir daha öpərək: – Bu dodaqların üçün də beş yüz qızıl! – dedi. Səba xanım sakit oturub baxırdı; o, Atabəyin təbii halından çıxdığını və onun qadına olan ehtirasının coşduğunu yoxlamaq istəyirdi. Səba xanım Atabəylə olan alverini bitirmək istədiyi üçün kamançanı götürüb bir neçə qəzəl oxudu: Tamam olub bu pərirudə hüsnüzibalıq. Qaşımda qəmzələr oynar, gözümdə şəhlalıq. Qopar qiyaməti sərvin girəm gülüstanə, İnanma sərv, sənubərdə var bu rənalıq. Ləbimə qönçə baxıb pərdədən çıxardar üz, Açar başını edər gülşən içrə rüsvalıq. Hədisi – Leyliyü Məcnuni eylədim bərbad, Nə onda vardı cünunluq, nə bunla Leylalıq. Nə həddi var məhi-Kənan, mənim qulamım ola, Nə abrudə Züleyxa edər züleyxalıq. Səba xanım kamançanı yerə qoyduğu zaman Atabəy bir daha onun dodaqlarından öpərək: – Sənin bu qəzəlin üçün də iki yüz qızıl! – dedi və əlini onun döşlərində gəzdirmək istərkən, Səba xanım qırçınıb: – Bağbanın icazəsi olmadan nar dərmək və bağbanın intizamını pozmaq yaramaz, – dedi. – Bağbanın qapıları açması üçün də beş yüz qızıl! – deyərək onun köynəyinin qızıl düymələrini bir-bir açdı. Səba xanım Atabəyin barmaqlarındakı titrəkliyi görüb son sözü demək vaxtının yetişdiyini hiss etdi və nazlanaraq soruşdu: – Əlahəzrət həqir cariyənin özünü qiymətləndirmirmi? Əcəba, bir qız yalnız qaş, göz, dodaq və döşlərdənmi ibarətdir?! Atabəy onu bərk-bərk qolları arasında tutduğu zaman: – Qasımabad kəndini də sənə bağışladım, – dedi. Atabəy Səba xanımı buraxmadı, onu səhərə qədər öz yanında saxladı. O, birinci məqsədinə nail olduqdan sonra, ikinci əsas məqsədinə keçərək dedi: – Mən gözəl qızı mələkənin əlindən alıb öz ixtiyarıma keçirə bilərdim. Lakin mən məhəbbətli cariyənin mələkənin yanında olmasını istəyirəm; sən ancaq orada qalmaqla mənə xidmət edə bilərsən. Səba xanım saçlarını sahmana saldığı və üst-başını düzəltdiyi halda soruşdu: – Mən bununla əlahəzrətə nə kimi bir xidmət göstərməliyəm? – Sən mənim ailəmin barəsində öyrəndiyini mənə xəbər verməlisən. – Keçmişdə olanlarımı? Gələcəkdəkilərimi? – Hər ikisini. Səba xanım bir az fikrə getdi. O həm Atabəyi əldə saxlamaq, həm də mələkəni itirməmək istəyirdi. Eyni zamanda mələkənin intiqamından da qorxurdu. Buna görə də sükuta qərq olmuşdu. Atabəy Səba xanımın nələr düşündüyünü dərhal hiss etdi və buna görə də Səba xanıma vədə verdiyi qızılların gətirilməsini əmr etdi. Qızıl kisəsi Səba xanımın qarşısına qoyulduğu zaman, cariyə qorxu və tərəddüdləri unutdu və qolunu Atabəyin boynuna salıb dedi: – Əlahəzrət, dünyanın işi belədir, vaxt olur ki, insanın özü sevir, yalvarır, yaxanır, lakin onu sevmirlər. Elə zaman da olur ki, insan sevmir, yalvarışları, hədiyyələri və mükafatları nəzərə almayaraq, “Sevmirəm” deyir və aşiqlərini təhqirlərlə rədd edir. Hər kəsin və hər qızın həyatında bu hadisəni görmək olar. O, həyatının gözəl günlərini bir şairin eşqində keçirtdi. Lakin şair: “sevmirəm” deyərək, onu rədd etdi və onun gənc qəlbini yaraladı. Nəhayət, onu bir qəhrəman sevdi, onun eşqində gecə-gündüzünü itirdi. Mələkənin atası da bu gəncin sevgisinə rədd cavabı vermədi. Mələkəni bu sevgiyə məcbur etmək istədilər. Ancaq iqbal və qismət bu sevginin də üzünə gülmədi. Atabəyin Gəncə səfəri bu sevginin üzərinə ümidsizliyin qəmli xəttini çəkdi. Atabəy Səba xanımın söhbətinə çox diqqətlə qulaq verəndən sonra soruşdu: – Son sevginin kimin tərəfindən aralığa sürüldüyünü bilmədim. – Son sevgi Hüsaməddinin sevgisi idi. Hüsaməddin onu dəlicəsinə sevirdi. Mələkənin ata-anası da buna razı idi. Nişan qoyulacaq idi, lakin qızın şairi sevməsi izdivacın baş tutmasına əngəl törətdi. İqbal belə bir yol göstərmişdi: qız şairi sevməsəydi, mələkə əla həzrətə yox, Hüsaməddinə qismət olacaqdı, ancaq bu qədər. – Mənə doğrusunu söylə, mənim mələkəm indidəmi şairi sevir? – Xeyr, sevmir; sizi əmin edirəm, hazırda mələkə şairdən intiqam almaq üçün fürsət axtarmaqdadır. – O indi də Hüsaməddini sevirmi? – O nə onda, nə də indi onu sevmir. – Hüsaməddin yenə də onu sevirmi? Səba xanım sakit olub danışmadı. Atabəy ona tərəf dönüb həyəcanla soruşdu: – Nə üçün sakit oldun? Məni maraqlandıran ancaq bu nöqtədir. – Mən bu barədə nə deyə bilərəm?! Qəlbləri oxumaq çox çətindir. Nə mələkə, nə də Hüsaməddin adi adamlar deyil. Əcəba, bir hökmdarın mələkəsi, yaxud bir hökmdarın sərkərdəsi bir-birini sevdiyi zaman öz cariyəsinə sezdirəcək qədər sadədil ola bilərmi? Lakin sevgi məsələsi də qəlbdən silinəcək bir məsələ deyil. Dünyada hər şeyi yumaq mümkündür, lakin eşqi yumaq, ürəkdən təmizləmək olmaz. Səba xanım bu sözdən sonra Atabəyin barmağındakı əqiq üzüyün yazılı qaşını göstərib dedi: – Əlahəzrətin üzüyünün qaşındakı yazıları yumaq mümkündürmü? – Xeyr, mümkün deyil, onu məhv etmək üçün sındırmaq lazımdır. – Əlahəzrət, ürəkdə sevgi də eladır. Onu məhv etmək üçün insanı öldürmək və qəlbi parçalamaq lazımdır. – Demək ki, Hüsaməddin mənim mələkəmi yenə də sevir, eləmi? – Mən bu barədə heç bir söz deyə bilmərəm. Hüsaməddinin mələkə ilə əlaqəsinə müəyyən mündərica vermək barəsində düşünməmişəm; çünki əlahəzrət öz kənizinə bu barədə tapşırıq verməmişdi. – Mən indi sənə bu tapşırığı verirəm. – Bu tapşırıqdan məni ölüm cəzası gözləmirmi?! Mələkə bu işdən xəbər tutduğu zaman məni edam etdirərsə, kim ona mane ola bilər?! Əvvələ, o mələkədir, ikincisi də mən onun malıyam. Hərgah məni məhv edərsə, öz malını məhv etmiş olur. – Mən oğlum Qütlüğün canına and içirəm, səni mühafizə edəcəyəm. Mələkə sənin gözünü də püfləyə bilməz. Səni Qasımabad malikanəsinə köçürər və bir mələkə kimi yaşadaram. İndi də mələkənin kimlərlə əlaqədə olduğu, saraya kimlərin gedib-gəlməsi barədə danış. – Mələkənin əlaqədə olduğu adamlar üç nəfərdən ibarətdir. Onlardan birisi Zəhirəddin Bəlxi, digəri Kəmaləddin şairdir. Səba xanım sakit oturub üçüncü adamın adını çəkmək istəmədi. Bunun üçün Atabəy ondan soruşdu: – Mən indi iki şeyi öyrənmək istəyirəm. Onları mənə danışa bilərsənmi? – Bildiyim qədər. – Əvvəla, bilmək istərəm ki, mələkənin Zəhirəddin və Kəmaləddinlə olan əlaqəsini nə isə isbat etmək olar? – Onlar Həmədanda və Bağdadda yaşadıqları zaman hər bir məsariflərini mələkə göndərir. Hətta, əlahəzrət Azərbaycan səfərində olduğu zaman, onlar bir neçə dəfə mələkənin sarayına gəlmişdilər. Mələkə üç kərə Əbudəccanənin qəbrini ziyarət üçün Maşan kəndinə getdiyi zaman yuxarıda adları çəkilən adamlar da ziyarətdə iştirak etmişlər. Atabəy bu sözlərdən sonra dərin fikrə getdi, həyəcan və acığından çıldırmaq dərəcəsinə gəldi. O, bu söhbətlərlə yavaş-yavaş Həmədana başlanmış gizli macəraya iz açmağa başlayır və titrəyirdi. O, Səba xanıma bir sual daha verdi: – İndi üçüncü adamı mənə tanıtmalısan. – Qorxuram, əlahəzrət, o cəsarəti edə bilməyəcəyəm. – Mən sənə bu barədə and içmədimmi? Səba xanım özünü ələ alaraq cəsarətlə dedi: – Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur. – Toğrul? – Bəli, Toğrul! – Buna mən inana bilmərəm. Hərgah başqa xəbərlərin də bu rəng və bu mündərıcədədirsə, onlara da inana bilmərəm. Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxartdı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı və soruşdu: – Əlahəzrət bu kağıza inana bilərmi? Atabəy kağızı alıb oxudu: “Möhtərəm Mələkə! Oğlum Məlikşahın yerinə oğlunuz Qütlüğün vəliəhd elan ediləcəyinə söz verirəm. Bu vədələr möhtərəm Mələkənin arzularına cavab verə bilərmi? Toğrul” Atabəy Səba xanıma sual verdi: – Bu məktubu nə üçün götürüb saxlamışdın? – Atabəy həzrətlərinə təqdim etmək üçün. Çünki bu xanədanın nemətləri ilə bəslənirəm. Atabəy: – Çox razıyam, gözəl qız. Ancaq bu xidmətin mükafatını aldığın zaman səni nə qədər sevdiyimi yəqin edəcəksən, – dedi və məktubu cibinə qoydu. Aralığı sükut bürümüşdü. İkisi də danışmırdı. Atabəy hər bir şeyi öyrənmiş kimi idi. O, Canpolad kəndindəki sui-qəsdin mündəricəsini də bu gecəki söhbətdən təyin etdi. Bu sui-qəsdlə nə azərbaycanlıların, nə də Qızıl Arslanın əlaqədar olmadığını anladı və başını fikirli bir surətdə qaldırıb Səba xanıma sual verdi: – Sən bu xidməti davam etdirmək istəyirsənmi? – Madam ki, başlamışam, axıra yetirmək lazımdır. – Onların hamısı Bağdaddadır. Toğrul da Bağdada getmişdir. Sən sabahdan etibarən Bağdada getməlisən. – Mələkə mənim nə üçün gəldiyimi soruşmazmı? – Söylərsən ki, Qütlüğ anasız yaşamaq istəmədi. Əlahəzrət uşağın Bağdada göndərilməsini əmr verdi. Səba xanım razılıq verdi, Atabəyin otağından çıxıb gedərkən bir sual da verdi: – Atabəy həzrətləri Azərbaycandakı oğlanlarını sevirmi? – Ruhum kimi sevirəm. – İndi ki, beladır, onların qeydinə qal, onları məhv etmək üçün də mələkəniz hazırlıq aparır, – deyib otaqdan çıxdı. Səba xanım çıxıb gedəndən sonra Atabəy uzun saatlar oturub düşünür və buraxdığı səhvlərdən utanırdı. Xüsusən o, azərbaycanlılar üzərinə etdiyi səfərlərin siyasi səhv olduğunu hiss edərək, öz-özünə nifrət edirdi. Atabəy Qızıl Arslanın nə qədər doğru xətt-hərəkət götürdüyünü bir daha təsdiq edərək, ona qarşı bəslədiyi fikirlərin hamısını qəlbindən atdı. Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi və yazdığı kiçik bir məktubu da təcili çapar vasitəsi ilə Püsəran kəndinə, Gözələ göndərdi: “Gözəlim Gözəl! Uşaqlardan mütəvəcceh ol, onlara qarşı sui-qəsd hazırlanıbdır. Atabəy Məhəmməd” * * * Bağdad Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi: – Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz. Nizami bu dəvəti qəbul etmədi, buna da bir neçə səbəb var idi. Əvvəla, o, Bağdada getdiyi zaman xəlifənin cülus günündə iştirak etməli, bir şair kimi xəlifəni mədh etməli idi. Şair bunun əleyhinə idi. İkincisi də, Nizami Bağdada getdiyi zaman Atabəy Məhəmmədlə qarşı-qarşıya gəlməli idi. Gəncə hadisəsindən sonra Nizami onun üzünü görmək istəmirdi. Üçüncü səbəb də, onun Xaqani ilə bərabər Hicaz və İrat səyahətinə hazırlanması idi. Həmin bu səbəblərə görə Nizami Qızıl Arslana göndərdiyi məktubunda: “Çox xəstəyəm, xəlifənin cülusunda iştirak edə bilməyəcəyəm” – deyərək yaxasını qurtardı. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi. Nizami Şimali Azərbaycandan göndəriləcək nümayəndələrin siyahısını nəzərdən keçirdiyi zaman, vaxtı ilə Şimali Azərbaycan üsyanında iştirak edənlərin hamısının adlarını siyahıda görüb şübhələndi. O, Fəxrəddini yanına çağırıb bu məsələni ona qandırıb dedi: – Bağdada göndərilən heyət üzvlərinin hamısı Azərbaycan üsyanında iştirak edənlərin rəhbər simalarıdır. Mən qorxuram ki, Atabəy Məhəmməd bu bəhanə ilə Şimali Azərbaycandan gedənləri həbsə aldırıb edam etdirsin. Buna görə də Təbrizə Qızıl Arslana təcili çapar vasitəsi ilə məktub göndərmək lazımdır. Mən bilirəm, sən öz Dilşadını axtarmaq üçün Bağdada getməyə tələsirsən. Lakin işi etibarlı görmək lazımdır. Çox götür-qoy etdilər. Nəhayət, məktub göndərməyi qərara aldılar. Məktub göndərildi, səkkiz gündən sonra məktubun cavabını gətirdilər. Qızıl Arslan göndərilən məktuba verdiyi cavabında yazırdı: “Məktubda göstərdiyiniz cəhətlər barəsində düşünmək yersizdir. Atabəy Məhəmmədin göstərişinə görə cülus gününü təbrik üçün gedənlər vaxtı ilə xəlifə əleyhinə üsyan edən şəxsiyyətlərdən seçilməlidir. Atabəy Məhəmməd bununla təzə xəlifəyə göstərmək istəyir ki, ölkələrdə xəlifə əleyhinə heç bir düşmən hərəkət yoxdur, hətta vaxtı ilə üsyan təşkil edənlərin hamısı bu gün təzə xəlifənin cülus gününü təbrik etmək üçün Bağdada yığılırlar. Şimali Azərbaycandan Bağdada gedənlərə belə bir məsləhət görürəm ki, onlar Bağdada getmək üçün Həmədandan keçib getməsinlər. Onlar bu uzun yol təriqilə vaxtında Bağdada yetişə bilməzlər. Buna görə də Təbrizə gəlib Bisütun və oradan da Kirmanşah vasitəsi ilə Bağdada getməlidirlər. Gedənlər özləri ilə bərabər yaxşı atlar götürsünlər. Təzə xəlifə yaxşı atların maraqlısıdır”. Məktub alındıqdan sonra Fəxrəddin sevindi. O, sabiq xəlifə Müstərşidbillahın sarayına göndərilən qızları Bağdadda tapa biləcəyinə və Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı. Heyət təcili surətdə Bağdada hərəkət etdi. Fəxrəddin gecə-gündüz aram olmadan at sürür və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi. İki mənzili bir gündə gedirdilər. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin doqquzuncu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar. Musa ibn-Cəfərin məqbərəsini ziyarət edib Dəclə çayı kənarına düşdükləri zaman, xəlifənin istiqbala göndərdiyi nümayəndələr Azərbaycandan gələn heyəti qəbul etdi. Azərbaycan heyətini böyük bir təntənə ilə Harunərrəşidin oğlu Əmin üçün tikdirdiyi Əmin qəsrinə gətirdilər. Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. Xəlifənin cülus günü oyuncağında iştirak etmək üçün hər tərəfdən heyətlər gəlmişdi. Bağdad şəhəri arı pətəyi kimi qaynaşırdı. Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdilər. Buna görə də Bağdad şəhəri bir ordu qərargahı şəklinə girmişdi. Lakin təzə xəlifə Bağdada gələn nümayəndələrin hamısından artıq Azərbaycan heyətinə diqqət verirdi. Onların istirahəti üçün hər nə tələb olunursa vaxtında düzəlmişdi. Təbiidir ki, xəlifə bu hörməti göstərmək üçün məcburiyyət hiss edirdi: çünki XII əsrin yarısından başlayaraq Azərbaycan atabəyləri xəlifənin siyasi nüfuzunu öz əllərinə almış və xəlifəni özlərindən asılı olan bir oyuncaq şəklinə salmışdılar. Azərbaycan atabəyləri öz tələblərini heç bir maneə hiss etmədən xəlifəyə qəbul etdirə bilərdilər. Azərbaycan heyəti ikinci gün səhər yeməyini yedikdən sonra, xəlifənin nümayəndəsi Asəf, Əmin qəsrinə gələrək onların kefini soruşdu və xəlifənin salamını yetirdi. Asəf heyətin sədri Fəxrəddinə müraciət edərək: – Xəlifənin tapşırığına görə Azərbaycan heyəti Bağdadda olduğu zaman onların xidmətində olmalıyam. Bağdadı gəzdirmək, xəlifə qəsrləri ilə tanış etmək və sairləri tamamilə mənim vəzifəmdir, – dedi. Asəfin bu sözlərindən hamıdan artıq Fəxrəddin şadlandı. O hər şeydən əvvəl Bağdad şəhərini gəzmək, heç olmazsa, Azərbaycandan Bağdada gətirilən qızlardan birisinə təsadüf edib Dilşadı soruşmaq istəyirdi. Azərbaycan heyəti atlı olaraq şəhəri gəzirdi. Çünki o zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. Asəf ən əvvəl onları Bağdad şəhərinin Mənsur nam hissəsinə gətirdi. Xəlifə Mənsur tərəfindən birinci olaraq bina edilən bu şəhər dəyirmi şəklində idi. Xəlifə bu şəhəri bina etdikdən sonra şəhərin ən ortasında özü üçün böyük bir saray tikdirib adını “Altun qəsr” qoydu. Asəf heyətə müraciətlə: – Hazırda qarşısında durduğumuz qəsr haman Altun-qəsrdir, – dedi. – İndi atlardan düşüb qəsrin içərisinə tamaşa edə bilərsiniz. Heyət üzvləri atlardan düşüb piyada oldular. Pilləkənlərdən yuxarı qalxıb milyonlarca qızıl qiymətinə başa gəlmiş qəsrin içərisini gəzdilər. Fəxrəddin fikrin əhatə edə bilməyəcəyi bir sənətkarlıqla düzələn bu qəsri gəzdiyi zaman qiymətli daşlar, qızıl və gümüşlərlə işlənmiş müzayiqələri, mərmər sütunları, xalı-gəbələri, quş qanadlarını və s. görüncə qəlbində öz-özünə: “Ancaq indi bildim ki, ərəblər bizə gətirdikləri dinin əvəzinə bizdən nələr alıb gətirmişlər”, – deyirdi. Asəf, onları heyrət və təəccüb içərisində Altun-qəsrdən çıxartdı. Onlar atlanıb dəyirmi qaladan xaricə çıxdılar. Asəf başqa bir qəsrin qarşısında atının başını çəkib dedi: – Xəlifə Mənsur öz mövqeyini möhkəm etdikdən sonra, bir az əvvəl ziyarət etdiyiniz Altun-qəsrdə yerləşə bilmədi, o, qala içərisindən xaricə çıxmağı qərara alaraq bu gördüyünüz qəsri tikdirdi. Həmin bu qəsr Bağdadda tikilən qəsrlərin hamısından böyük və hamısından da zəngindir. Mənsur xəlifə qəsrin adını “Qəsri-Xüld”, yəni cənnət qəsri qoydu. Bəni Abbas xəlifələrinin hamısı növbətlə bu qəsrdə yaşamışlar. Hazırda olduğumuz məhəllə Bağdadın ən məşhur Rəsafə məhəlləsidir. Gördüyünüz məscid də Mənsurun bina etdirdiyi, dünyanın ən böyük və zəngin məscidlərindəndir. Həmin gördüyünüz Qəsri-Xüld, mərhum xəlifəmiz əmirəlmöminin Müstərşidbillahın yaşadığı qəsrdir. Xəlifə bu qəsrdə vəfat etdi, hazırda ailəsi də burada yaşamaqdadır. Təəssüf edirəm ki, bu gözəl qəsrin içərisinə girmək mümkün olmayacaqdır. Hər halda qəsrin xarici görünüşü və daxili zənginliyi insan üçün böyük bir qənaət verməkdədir. Fəxrəddin Müstərşidbillahın ailəsi yaşadığı Xüld qəsrini gördüyü zaman Dilşadı görmüş qədər sevindi. Onun fikrinə görə, Dilşadı həmin bu qəsrdə görə biləcəkdi. Fəxrəddin öz qəlbində hər olursa olsun, axşam bu qəsrin ətrafına qayıdacağını və saraya gedib-gələnləri öyrənəcəyini qərara aldı. Atları minib saraydan ayrıldılar. Bir qədər gəzdikdən sonra Asəf atının başını çəkib durdu və dedi: – Burada üç məşhur qəsri ziyarət edəcəksiniz. Bu gördüyünüz qəsri Harunərrəşid xəlifə öz qadını Zübeydə üçün tikdirmişdir. Qəsrin adı “Qəsr-Zübeydədir”. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür. Asəf atını məhmizləyib böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı: – Bu qəsr Harunərrəşidin vəziri Cəfərin qəsridir. Harunərrəşid dövrü Şərqdə Bərməki tayfasına mənsub olan bu vəzirdən hörmətli, zəngin və gözəl adam yox idi. Siz həmin qəsrdə nahar yeməyinə dəvət olunubsunuz. Burada həm tarixi yazılara və tarixi şeylərə tamaşa edər, həm də nahar yeyəndən sonra istirahət edərsiniz. Asəf və Azərbaycan nümayəndələri atlardan piyada olub Cəfər qəsrinə çıxdılar. Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb, əlvan rəngli kəhrəbalarla döşənmiş və qızıl avizələrlə bəzənmiş böyük salona girdilər. Asəf onları salondan keçirib kiçik bir otağa gətirdi, çərçivələri yaşıl zümrüdlə işlənmiş iki pəncərənin qarşısında durub danışdı: – Dəclə çayının o biri tərəfində gördüyünüz zinətli saray Harunərrəşid xəlifənin bacısı məşhur Əbbasənin qəsridir. Hərgah maraqlanırsınızsa, bu iki qəsrin tarixi haqqında məlumat verim. Azərbaycan heyətinin nümayəndələri bir səslə Asəfin məlumat verməsini rica etdilər. Asəf məlumat verməyə başlayaraq dedi: – Harunərrəşid xəlifənin sevdiyi iki adam var idi. Onlardan birisi vəzir Cəfər, o birisi isə bacısı Əbbasə idi. Əbbasə öz vaxtında Şərqin ən məşhur gözəli idi. Harunərrəşid onu ərə verməyə qısqanırdı. O, günün birində Cəfəri yanına çağırıb dedi ki: “Mən istəyirəm ki, sevdiyim adamların ikisi də birlikdə mənim yanımda olsun. Buna görə də səninlə bacım Əbbasəni camal siğəsi oxutdurub evləndirmək istəyirəm. Lakin sən ona əl vurmamaq üçün mənim başıma and içməlisən”. Cəfər Harunun təklifini qəbul edib evləndi. Evləndən sonra qəsri tikdirdi. O daima həmin durduğunuz pəncərədən baxıb Əbbasə ilə söhbət edər və görüş üçün vədələşərdilər. Nəhayət, günlərin birində Harunərrəşid xəbər tutur ki, bacısı vəzir Cəfərdən iki oğlan doğmuşdur. Buna görə də gecə qulamı Məsruru göndərib, Cəfər namaz qıldığı halda başını kəsdirib meyitini də yandırdı. İndi də dönüb sol tərəfdə vurulan yazıları oxuyun. Asəf bunu dedikdən sonra heyət nümayəndələri dönüb divara baxdılar, dəri üzərində bir yazı gördülər. Yazı kufi xətti idi, buna görə də Asəfin özü oxudu: “Harunərrəşidin dəftərxanasındakı haqq-hesab dəftəri yoxlandığı zaman belə bir hesaba təsadüf edilmişdi: “Xəlifənin rəcəb ayının dördündə verdiyi fərmana görə həşəmətli vəzir Cəfərə dörd yüz min qızıl dinarlıq xələt verilmişdir. Vəzir Cəfərin meyitini yandırmaq üçün bir dinarlıq odun alınmışdır”. Asəf Azərbaycan nümayəndələrini bu otaqdan çıxarıb başqa bir otağa apardı. Otaqda qanlı bir xalça var idi. Xalçanın üzərində canamaz açılmışdı. Asəf xalçanı heyət nümayəndələrinə göstərib divardakı yazıları oxudu: “Cəfər şam namazı qıldığı zaman Harunərrəşidin qulamı Məsrur xəlifənin fərmanını gətirmiş və həmin xalçanın üzərində vəzirin başını kəsmişdir”. * * * Nahar yeməyini yedikdən sonra yenə də atları minib birlikdə Əmin qəsrinə gəlib hər kəs öz otağına çəkilib istirahətlə məşğul oldu. Lakin Fəxrəddinin gözünə yuxu girmədi. O, Dilşadı soraqlaşmaq üçün xəlifə Müstərşidbillahın ailəsinin yaşadığı Xüld qəsrinə tərəf getmək istəyirdi. * * * Dürrətülbağdad Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi. Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu: – Oğlan, məni Xüld qəsrinin yanına apara bilərsənmi? Gənc qara qul ərəbcə bəzi sözlər fırlatdı isə də, Fəxrəddin bir şey anlamadı. Durub fikirli-fikirli baxırdı. Nəhayət, qara qul sərnişinin ərəbcə anlamadığını hiss edərək farsca danışıb dedi: – Hərgah cənab ağa Bağdadın küçələrini gəzmək istəyirsə, uzunqulaq isə getməsi lazımdır; çünki buradan Qəsr-Xüldün yanına getmək üçün Rəsafə, Məxrəm və Şəmasiyyə məhəllələrini dolanıb getməlidir. Bu həm ağa üçün uzaq olar, həm də baha oturar. Ağam hərgah Xüld qəsrinə getmək istəyirsə, haman buradan şərqə tərəf dönüb düzdoğru daş döşəmə ilə Dəclə çayının kənarına düşməlidir. Orada kiçik səyahət yelkənləri vardır. Onlarda oturarsınız. Həm Dəclənin gecə səyahətini keçirər, həm də ki, Dəclənin sol sahilindəki Xüld qəsrinin qabağında düşərsiniz. Fəxrəddin qaraqula təşəkkür edib, çayın kənarına düşməyə başladı. Dəclə sahilinə düşüb çayın üzərindəki minlərcə səyahət yelkənlərini görüb heyrətə düşdü və özünün daima təkrar etdiyi şeri bir daha oxudu: Ələssəbahü Nişabur, xüftənü Bağdad, Nəmazü digəri Mərv, namazü şamü Herat. Qabaqda duran gəmiçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanarlar asılmışdı. Dəyirmi yelkənin ortasında bir dəyirmi miz də qoyulmuşdu. Mizin ətrafında yeddi-səkkiz nəfər gənc və bir neçə də oxuyub-çalan qız oturmuşdu. Mizin üstündə hər cürə şərab və şərabın özünə məxsus əlvan məzələr və yemək qoyulmuşdu. Fəxrəddin ətrafında gedən yelkənlərə nəzər saldığı zaman onların hamısında özünün oturduğu yelkəndə gördüklərini gördü. Yelkəndə oturanlardan bəziləri ərəb, bəziləri də fars dilində danışırdılar. Onlardan birisi piyaləsini doldurub Fəxrəddinə müraciət edərək dedi: – Bəradəri-əziz, həmrahi kon. Sərnişin bu sözləri dedikdən sonra bir piyalə şərab doldurub Fəxrəddinin qarşısına qoydu. Oxuyub-çalan qızlar da qarşılarında qoyulan piyalələri götürüb Fəxrəddinin gözü qarşısında fırladıb içdikdə, Fəxrəddin də piyaləni dodaqlarına aparıb mizin üstünə qoydu. Yelkəndə oturanlardan birisi oxuyan qıza müraciət edərək farsca: – Həyat xanım, şərab məclisi nəğmə və musiqi tələb edir, – deyərək bu şeri oxudu: Əsbi ki, səfaraş nə dahi minəxurəd ab, Adəm nə kəm əz əsb, nə mey kəmtər əz abəst. Həyat xanım gah farsca, gah da ərəbcə oxuyurdu, çünki yelkəndə ərəblər olduğu kimi farslar da var idi. Yelkən çay yuxarı o qədər də böyük sürətlə getmirdi, çünki İraq gecəsinin xəfif ruzigarları badvanın müqavimətini sındıra bilmirdi. Çayın hər iki tərəfində böyük binalar, uca saraylar, möhtəşəm qəsrlər salındığı üçün bunların arası ilə gedən yekən sanki bir xiyabanda gedirdi. Sarayların, qəsrlərin pəncərələrindən Dəclə çayına düşən işıqlar Şərqin şəvədən tünd rəngli qaranlığının köynəyini cıra bilmirdi. Çay yuxarı baxıldığı zaman suyun üzərində heyrətverici bir mənzərə açılırdı. İraq gecəsinin zülmətinə bürünmüş mavi sularda ulduzların işığını gören hər bir kəs suyun üzərinə ağ güllərlə toxunmuş bir xalça sərildiyini zənn edirdi. Yelkən yuxarı tərəfə üzdükcə Fəxrəddin də oradakılardan soruşurdu: – Burası haradır? Xüld qəsrinə yaxındırmı? – Xeyr, əziz qardaşım, yaxın deyil. Ən azı bir-iki saat yol getmək lazımdır, – deyə cavab verirdilər. Yelkəndə oturanlardan birisi xanəndə qıza müraciətlə: – Həyatım Həyat, ərəbcə oxuduğun şeirlərdən aldığım nəşələr olduqca böyükdür. Rica edirəm, məni şadlandırmaq üçün bir az Bağdadı bir-birinə vuran Dilşaddan oxu! Fəxrəddin bu sözü eşidərkən qulaqlarına inana bilmədi. O özünü yuxu aləmində hiss etdi. O diksindi və öz-özünə: – “Bəlkə də Dilşad yolunu azmış, bəlkə də şəhvətlər dünyası olan xəlifələr Bağdadı onun əxlaqını pozmuş, bunun üçün də onun adı şərab süfrələrinin başında çəkilir” – deyə düşündü. Sonra da o: – “Bəlkə də bunlar mənim Azərbaycandan Dilşadın dalınca gəldiyimi hiss edərək, mənə gülürlər. Bəlkə də bunlar xəlifənin xəfiyyələridir, bəlkə də bunlar məni Əmin qəsrindən bura qədər təqib edirmişlər”, – deyirdi. Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri oxumağa başladı: Asiman gər zi giriban qəmər avürdə birun, Əz giribanü tü, xurşid sər avürdə birun. Bə təmaşayi xətü-dilbəri-Dilşad künun, Diləm öz rövzənəyi-didə sər avürdə birun. Oxuyub çaldılar. Yenə də şərab piyalələri dolduruldu. Bu dəfə Fəxrəddin heç bir təklif almadan piyaləsini əlinə alıb yelkəndəkilərə tərəf döndü. – Sizin şərəfinizə içirəm, – dedi və piyaləni dövr etdirdi, yelkəndəkilər də içdilər. Söhbətlər geniş şəkil aldığı zaman Fəxrəddin oxuyan qıza sual verdi: – Şerinizdə adını çəkdiyiniz Dilşad kimdir? – Dilşad qırx nəfər gözəl qızların birincisidir. Onu Azərbaycandan xəlifəyə hədiyyə göndərmişdilər. O, Bağdada gəldiyi vaxt xəlifə xəstə idi, onu öz oğluna bağışladı. – Hazırda Dilşad diridirmi? – Allahın gözəl mələikəsinə ölü isnadı vermək cayizdirmi? – dedi. Bir qədər yol gedəndən sonra, yelkən bir körpünün qabağında dayandı, yelkən sahibi hörmətlə: – Bizim ağamız burada büşməlidir. Bu pilləkənlərdən qalxıb Xüld qəsrinin qabağına çıxacaqsınız, – dedikdə Fəxrəddin ondan soruşdu: – Yelkənin kirayəsi neçədir? – Qırx dinardır. – Şərabın qiyməti neçədir? – Şərab da, oxuyanların haqqı da bura daxildir. – Siz məni burada gözləyə bilərsinizmi? – İki saata kimi gözləyə bilərəm. – Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. Fəxrəddin bunu deyib, yelkəndən düşüb pilləkənlərdən yuxarı qalxdı. O tərəf bu tərəfi gözdən keçirəndən sonra Xüld qəsrinin qabağındakı meydanı tanıdı və o tərəf bu tərəfində iki nəfər silahlı qara qul duran qapının Qəsr-Xüldün qapısı olduğunu təyin etdi. Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. O, qəlbində düşünür və qara qullardan Dilşadın burada olub-olmadığını soruşmaq istəyirdi. Lakin buna cəsarət etmirdi, çünki burası xəlifə qapısıdır, qara qullara yanaşmaq və Dilşadı xəbər almaq bəzi şübhələrə səbəb ola bilərdi. Buna görə də Fəxrəddin gözlərini qəsrin qapısına zilləyib durmuşdu, oradan kimlərin çıxdığını təqib edirdi. Vaxt keçirdi, yelkənin də onu gözləməyərək getməsindən qorxurdu; çünki yelkən getdiyi zaman o, Əmin qəsrinə qayıda bilməyəcəkdi. Xüsusən Fəxrəddin, yubandığı təqdirdə Azərbaycan nümayəndələrinin də nigaran qalacaqlarını və bəzi lazımi yerlərə müraciət edəcəklərini xəyalına gətirib rahatsız olurdu. Gözünü sarayın qapısından çəkmirdi. Nəhayət, qapıda duran qara qulların şübhəsini qazandırmamaq üçün, o tərəf bu tərəfə dolanırdı. Onun fikrincə, Dilşad qapıdan meydana çıxacaq, yaxud bir tərəfə getmişsə, qayıdıb saraya gələcək, heç olmazsa sarayın meydana baxan geniş pəncərələrindən baxıb Fəxrəddini görərkən özünü pəncərədən tullayıb onun qucağına düşəcəkdi. Lakin gecə çox qaranlıq idi. Dilşad pəncərədən baxsa belə, onu tanıya bilməyəcəkdi; çünki İraq gecəsi irq fərqi olmadan hər bir kəsə qara qulların donunu geydirmiş kimi idi. Lakin Fəxrəddin yenə də qəlbində saraydan hər kəs dışarı çıxarsa-çıxsın, onu təqib etməyi və Dilşad haqqında məlumat soruşmağı qərara almışdı. Hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu. Çox sonra sarayın qapısı açıldı, oradan iki nəfər qadın dışarı çıxıb, üçüncü qadını yola saldılar, sonra yenə də qapıları bağlayıb getdilər. Üçüncü qadın Fəxrəddinin bütün varlığını titrətdi və o, qəlbində: “Əcəba, bu mənim sevgilim Dilşaddırmı?!” – deyərək özünə sual verdi. Sualın cavabını yenə də özü verib qəlbində dedi: – “Yox, o deyil, mənim sevgilimin boyu daha ucadır, vücudu daha böyük tənasübə malikdir”. Qadın saray meydanında döşənmiş qırmızı daşların üzərində getdiyi zaman, topuqlarına bağladığı xalxalların altun və kiçik zəngləri səslənirdi. Fəxrəddin onu təqib edərək hansı tərəfə getmək istədiyinə baxırdı. Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzü aşağı, Dəclə sahilinə tərəf getməyə başladı. Fəxrəddin buna həddindən artıq sevindi. Qadın olduqca vüqarlı və etinasız bir surətdə gedir və Fəxrəddinin onu təqib edib-etməməsinə diqqət vermirdi. Qadın çayın kənarındakı körpüyə düşdü, orada bir yelkən durduğunu görüb gəmiçiyə müraciət etdi: – Məni Hərbiyyə məhəlləsinə apara bilərsənmi? – dedikdə, yelkənçi: – Xeyr, başqa adamı gözləyirəm, – dedi. Qadın yenə də: – Artıq para verərəm, – dedi. – Gözlədiyim zatın parası daha artıqdır. Başqasını götürə bilmərəm. Hələlik onu gözləyəcəyəm. Bu söhbətdə Fəxrəddin yelkənçiyə yanaşdı və yelkənçi onu görürkən, qadına müraciətlə Fəxrəddini göstərib əlavə etdi: – Budur, ağanın özü gəldi. Qadın Fəxrəddini gördüyü zaman ona yaxınlaşıb soruşdu: – Möhtərəm cənab məni də Hərbiyyə məhəlləsinə qədər götürməyə icazə verərmi? – Mənim heç etirazım yoxdur. Gəmiçi Fəxrəddindən bu sözü eşidərkən dedi: – Görünür ki, mənim möhtərəm ağam Bağdada təzə gəlibdir. Biz xanımı heç bir vechlə götürə bilmərik, çünki xanım yaşadığı Hərbiyyə məhəlləsi ilə ağanın getmək istədiyi məhəllənin arası bir neçə saatlıq yoldur. Sizin getmək istədiyiniz Əmin qəsri, şəhərin şərq tərəfində və Məxrəm məhəlləsinin cənub tərəfindədir. Xanımın getmək istədiyi Hərbiyyə məhəlləsinə gəldikdə, o da yuxarıda, şəhərin qərb hissəsi ilə “Bəndəfruş” bazarının arasındadır. Buna görə də xanımı bərabər götürmək mümkün olmayacaqdır. Qadın çox sakit durub baxır və düşünürdü; çünki körpüdə başqa yelkən yox idi. Fəxrəddin isə bu qadını əlindən buraxa bilməyəcəkdi. Ona böyük ümidlər bəsləyirdi. Bunun üçün də gəmiçini razı eləmək lazım gəlirdi. Fəxrəddin bunun üçün də gəmiçiyə belə bir məsləhət verdi: – Hərgah sizin üçün ağır deyilsə, xanımı aparıb Hərbiyyə məhəlləsinə qoyandan sonra qayıdıb Əmin qəsrinə tərəf gedərik. Xanımı burada buraxıb getmək nəzakətsizlik olar. Nə qədər kiraya lazımsa, mər artıqlığınca öhdəsindən gələrəm. Fəxrəddinin bu sözündən sonra gəmiçi: – İndi ki, ağa etiraz etmir, daha mənim nə sözüm ola bilər?! – dedi. Və taxtanı götürüb körpüyə uzatdı. Fəxrəddin isə qadına tərəf dönərək: – Xanım buyura bilər, – deyərək qadının qolundan tutub yelkənə çıxartdı. Yelkəndə oxuyub-çalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. Şəraba lazım olan hər cür məzə və əlvan yeməklər süfrəyə düzülmüşdü. Yelkən şəhərin qərb hissəsinə tərəf gedirdi. Çayın üzərində bircə dənə də yelkən yox idi, çünki şəhərin bu tərəfləri uzaq olduğu üçün, səyahətçilər mərkəzdə gəzməyə sevinirdilər. Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular. Lakin Fəxrəddini nə musiqi, nə də nəğmə düşdüyü fikirlərdən ayıra bilmirdi. O ancaq Dilşadı düşünürdü. Fəxrəddin oxuyan qıza tərəf dönərək tərifləyici bir surətdə dedi: – Sizin bir-iki saat bundan qabaq oxuduğunuz qəzəl nə qədər xoşuma gəlir və nə qədər də ruh oxşayıcı idi. Mən Bağdad gecəsi və Dəclə səyahətindən aldığım təsirləri xatırlayarkən, siz haman qəzəlinizlə gəlib mənim gözümün qarşısında duracaqsınız. Oxuyan qızın ruhu yüksəldi və Fəxrəddinə təşəkkür edərək dedi: – Verdiyiniz qiymət ağanın öz alicənablığı ilə əlaqədardır. Lakin sizin xoşunuza gələn hansı bir qəzəl olduğunu xatırlaya bilmirəm. – Siz bir qızdan oxuyurdunuz. – Qərənfildənmi? – Xeyr. – Tahirədənmi? – Xeyr, o da deyildi. Söhbətə gəmiçi müdaxilə edərək: – Yəqin ki, bizim ağamız Dilşadın qəzəlini sevmişdir, – dedikdə, Fəxrəddin də: – Bəli, mən haman qəzəli demək istəyirdim. Qızlar oxuyub-çalmağa başladılar. Fəxrəddinin təqib etdiyi naməlum qadın da üzünü açdı və açan kimi Fəxrəddinə sual verdi: – Möhtərəm ağamız Dilşadın kim olduğunu bilirmi? Fəxrəddin bilməyən və tanımayan bir adam kimi çiyinlərini dartıb dedi: – Haradan tanıyıram?! İki saat bundan əvvəl adını eşitdim, maraqlandım, gözəl və nəcib olduğuna iman etdim; çünki qadının gözəlliyini hamıdan əvvəl şairlər hiss edirlər. O, əhəmiyyətli bir qadın olmasaydı, Bağdad kimi bir yerdə dillərə düşməzdi. Qadın gülərək cavab verdi: – Təbiəti şairin zövqü ilə ölçmək olmaz. İnsan ac olduğu zaman arpa çörəyini bal havası yerinə yeyər. Fəxrəddin qadının bu sözünə etiraz etmədi. Lakin qadın bir an belə ondan gözünü götürmürdü. O, tanış bir adama baxan kimi baxırdı, sanki Fəxrəddini tanış olduğu bir adama bənzədirdi. Fəxrəddin bu baxışlardan heç də şübhələnmirdi. O qəlbində: “Qadın Bağdad qadınıdır. Açıqdır, eyş-nuş içərisində böyümüş bir qadındır. Gözəlliyi və libasının zənginliyi, qulaqlarındakı qiymətli kuşvarəsi, topuqlarındakı zümrüd xalxallar, barmaqlarındakı qiymətli daşlar özünün kübar olduğunu xəbər verir. Gözüm ilə görmüşəm ki, xəlifənin sarayından çıxmışdır. Xəlifə sarayına degib-gələn adamlar da xəlifəyə layiq ailədən olmalıdır” – deyə düşünürdü. Fəxrəddin bu fikirlə şərabı götürüb piyalələri doldurdu və naməlum xanıma təklif edib dedi: – Əziz və möhtərəm xanım bu qəribin gecəsini şərəfləndirməyə tənəzzül edərmi? Qadın xəfifcəsinə təbəssüm edərək soruşdu: – Əcəba, siz qəribmisiniz? – Bəli, qəribəm. – Haradansınız?! – Fərğanədən gəlmişəm. – Burada çoxmu qalacaqsınız? – Demək olmaz, hər şey iqbalımdan asılıdır. Müsaidə əldə edərsəm, bəlkə həmişəlik burada qaldım. – Mən də qəribləri sevirəm, hətta qəlbən sevirəm! Çünki qəriblərin daddığı acılıqları mən özüm də dadmışam. Möhtərəm ağamızı hiss edirəm. Gecələri qəriblər üçün çox əziyyətdir. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. Bütün bunları nəzərə alaraq möhtərəm ağamızla olan bu qısa müsafirətdə onun vaxtının xoş keçməsinə çalışaram. Qadın bunları dedikdən sonra, piyaləni götürüb dodaqlarına aparmaq istərkən, yenə də qaytarıb mizin üstünə qoydu və üzr istəyən adamların vəziyyətinə düşərək dedi: – Biz piyalələri qaldırmadan əvvəl lazımı bir vəzifəni unutduq. Birisi ilə tanış olmadan piyalə-piyaləyə vurmaq həm ədəbsizlik, həm də nəzakətsizlikdir. Bu, bağdadlı bir qadın üçün yaramaz. İndi gəlin tanış olaq. Qadın bu sözləri dedikdən sonra əlini Fəxrəddinə tərəf uzadıb – Dürrətülbağdad, – dedi. Fəxrəddin onun əlini sıxdığı zaman – Ömərxan Fərğanəvi, – dedi. Onlar qadınla birlikdə piyaləni qaldırıb içdilər. Piyalələri doldurub içməyin fasiləsi o qədər də uzun çəkmirdi. Həm Fəxrəddin, həm də qadın oxuyub-çalan qadınlara nəğmələr, ahənglər və musiqi parçaları sifariş verirdilər. Fəxrəddin qadına çox dərin bir diqqətlə baxırdı. Onun saçları Bağdad gecəsi qədər qara, çöhrəsi isə İraqın səhər üfüqləri qədər qırmızı idi. Onun gözəl, ağlı-qırmızılı çöhrəsinin işığı zəif yanmaqda olan şamların işığını unutdururdu. O gözəl idi. Yaşı otuz beş-qırx aralarında ola bilərdi. O başındakı örtüsünü götürmüşdü. Gecənin şıltaq ruzigarı onun saçlarını sünbül arğacı kimi o tərəfə bu tərəfə qatlayır və dalğalandırırdı. Yelkənçi də bu gecəki sərnişinlərlə maraqlanırdı, məqsədə və mənzilə gec yetişmək üçün yelkəni çox yavaş-yavaş sürürdü. Yelkən xəlifələr və vəliəhdlər sarayının tam ortası ilə gedirdi. Səs-səmir yox idi. Ancaq yelkənin burnu Dəclənin göbəyini öpmək üçün mavi qumaşı yırtdığı zaman bir xışıltı eşidilirdi. Qadın içdiyi piyalələrin təsirindənmi, yaxud öz dərəni düşüncələrinin sövqindənmi ruzigardan qaşları üzərinə düşmüş qara tellərini kənara ataraq Dəclə çayına baxıb: – Bax gör mənim ağam nə qədər xoşbəxt bir gecəyə malikdir! Ulduzun şəfəqləri Dəclə çayında çimir. Ağamızın yelkəni isə səma pərilərinin əlləri üzərində gedir. Fəxrəddin də qadının cavabında dedi: – Baxınız, gecəmiz nə qədər şərəfli bir gecədir! Ulduzlar yelkənimizdə gedən aybənizli qadını görüb onu salamlamaq üçün yelkənimizin ətrafında axırlar, – dedikdə, Fəxrəddinin sözlərindən və təşbehlərindən razı qalan qadın bir daha saçlarını çöhrəsindən kənara ataraq: – Onsuz da gecəmiz qaranlıqdır. Ruzigar isə qara buludları oynadaraq, ayın üzərinə pərdə salmaq istəyir, – dedi. Yelkəndəki şadlığın nəşəsi ölçülməz qədər böyük idi. Oxuyanlar və çalanlar indiyə qədər təsadüf etdikləri sərnişinlər içərisində bu gecə təsadüf etdikləri sərnişinlər qədər xoşdil, xoşküy və ədəbli sərnişin görmədiklərini dedikləri kimi, yelkənçi də: – Ağa icazə versəydi, Bağdadda olduğu zamanda yelkəni onun sərəncamına verərdim, məmnuniyyətlə ona xidmət edərdim, – dedi. Şəhərin bu hissəsi olduqca işıq idi. Pəncərələrdən düşən işıqlar Fəxrəddinə Dürrətülbağdada lazımınca baxmaq üçün imkan yaradırdı. Qadın da Fəxrəddinə baxır, lakin ona hiss etdirməksizin baxır və şübhəsini oyandırmaq istəmirdi. Yelkən cisrə yaxınlaşdı. Pəncərələrdən və sərv ağaclarının dalısından yelkən üzərinə düşən işıqlar nəticəsində şərabla dolu piyalələrdə əlvan yarpaqların şəkli rəqs edir və şəraba təzə bir rəng bəxş edirdi. Yelkən möhtəşəm sarayların bağçaları qarşısından keçdiyi zaman, ətir qoxuları Dəclə çayında səyahət edən sərnişinlərin dimağını oxşayırdı. Gəmi cisrin altından üzüb keçdi, Bağdadın “Şəhər-Mənsur” deyilən hissəsinə yaxınlaşmağa başladılar. Qadın da artıq baş örtüsünü hazırlayır və saçlarını sahmana salırdı. Fəxrəddin qadından gözlədiyi məqsədi əldə edə bilmədiyi üçün kədərlənirdi. Eyni zamanda, Fəxrəddin, bu gözəl və munis qadınla vaxt keçirməyin nə qədər qiymətli olduğunu qeyd edirdi. Fəxrəddin qəlbində “Bağdadda olduğum zaman bu qadınla tez-tez görüşməliyəm” – deyir və öz arzusunu qadına bildirmək üçün cəsarətini dilində mərkəzləşdirməyə çalışırdı. Nəhayət, qadına tərəf dönüb sözünü dedi: – Möhtərəm xanım lütfən bu gecəki Dəclə səyahətini təkrar etmək üçün söz verə bilərmi? Mən bir daha bu səadətə nail ola biləcəyəmmi? Qadın da incə bir təbəssümlə cavab verdi: – Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı? – Unudulmaz bir təsir buraxdı. – Elə isə etiraz etmirəm. – Əziz və gözəl xanımla bərabər Bağdad gecəsində Dəclə səyahətinə çıxmaqdan nəşəli bir həyat vardırmı? – Elə isə sabah zöhr zamanı məni Rəsafə camesinin qarşısında gözləyin. Qadın bu sözlərdən sonra vidalaşıb yelkəndən körpüyə çıxdı. * * * Dilənçi xəlifələr Günorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər. Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi: – Get, ey mömin, sən ki, öz köhnə xəlifən Müttəqibillahı yadına saldın, xudavəndi-aləm səni gözsüz qoyub zəlil etməsin. Fəxrəddin korun bu duasını eşidərkən bütün varlığı titrədi, kora bir daha baxaraq, öz-özünə dedi: “Sübhanallah, bu nə deməkdir?! Necə yəni köhnə xəlifən Müttəqibillah! Əcəba, bu kor dilənçi xəlifələrin üzərinə gülürmü? Yaxud adı çəkilən xəlifə zalım olduğu üçündür ki, adını kor dilənçilərin birisinə taxıb gülürlər? Camaat yavaş-yavaş məscidə yığışırdı. Xalq başqa dilənçilərə o qədər də əhəmiyyət vermirdi, ancaq üç nəfər kor dilənçiyə kifayət qədər ehsan verildi. Onlar isə yenə də dua edərək: – Get, ey mömin, sən ki, öz köhnə xəlifəni unutmadın, xudavəndi-aləm səni dünyada və axirətdə unutmasın! – deyirdilər. Artıq Fəxrəddin hər şeyi unudub yalnız kor dilənçilər ilə məşğul idi. Korlar isə hər kəsdən pul aldığı zaman barmağı ilə pulun sikkəsini yoxlayıb gümüşü gümüş olan kisəyə, misi isə mis pullar olan kisəyə salırdı. Fəxrəddinin qulağı tanış bir səs eşitdi: – Mənim ağam, təəccüb etmə! Vaxtı ilə minlərcə möhtacla ehsan edən, bir zaman bütün Şərq ölkələrinin müqəddəs və müqtədir xəlifəsi olan şəxslər bu gün Rəsafə camesinin qapısında durub dilənə də bilər. Bu səs sanki Fəxrəddinin ruhunu qıdıqladı. O, tələsik dönüb səs gələn tərəfə baxıb yanında axşam yelkəndə tanış olduğu qadını, yəni Dürrətülbağdadı gördükdə: – Salam əleyküm, möhtərəm xanım, – deyərək təzim etdi. Qadın onun salamını alaraq soruşdu: – Mənim ağam, çoxdanmı buradasan? – Günorta azanı deyilməmişdən buradayam. – Görünür ki, səni bu bədbəxt xəlifələrin acınacaqlı vəziyyətləri məşğul etmişdir. – Belədir, şərəfli xanım. Xəlifələrin məscid qapılarında dilənməsinə inanmaq olurmu?! Əcəba, bütün islam dünyasının sərvətini özündə cəmləşdirən Bağdad, üç nəfər kor olmuş xəlifənidəmi yaşada bilmir?! Əcəba, həyatdakı xəlifələr bu qədər cəlal və dəbdəbəyə malik olduqları halda, xəlifə namını ləkələyə biləcək bu vəziyyətin qarşısını ala bilmirmi? Qadın bir ah çəkərək danışdı: – Dünya belədir, mənim ağam! Sənin sağ tərəfində daşın üstündə oturan kor, xəlifə Qahirübillahdır. Ondan bir az aşağıda oturan dilənçi isə bədbəxt xəlifə Müstəkfibillahdır. Camenin qapısında oturan qoca və zəif bədbəxt isə Şərqin ən sevdiyi xəlifəsi Müttəqibillahdır. Mənim ağam! Bağdad xalqı olduqca vəfasızdır. Onlar üç nəfər xəlifəni də yaşatmaq istəmədilər. Bu bədbəxtlər öz oğlanları, qardaşları və əmirləri tərəfindən gözlərinə mil çəkilib sarayından, malikanəsindən bayıra atılan xəlifələrdir. Başını yuxarıya qaldırıb Xüld qəsrinə və Altun qəsrə diqqətlə bax. Sənin gördüyün bu korlar, vaxtilə həmin bu qəsrlərdə yaşamış və dünya məsələlərini həll edmişlər. İndi isə camelərin qapısında durub dilənirlər. Qadın bu sözləri dedikdən sonra şiddətlə ağladı, Fəxrəddin isə qadının bu qədər alicənablığını görüncə təəccüb etdi. Qadın Fəxrəddindən ayrılıb məscidin səkisinə yaxın oturan Müttəqibillahın yanına getdi və onun yanında diz çökərək korun əlindən öpdü və gətirdiyi ehsanları onun qucağına buraxdı. Kor xəlifə onu dualayıb: – Dürrə, səni görüm həyatın acılıqlarını dadmayasan, sən ki, öz keçmiş ağanı unutmadın, Allah səni hər iki dünyada unutmasın, – deyirdi. Qadın bir daha onun əlini öpdü və sonra da iki nəfər kor xəlifəyə də ehsan verib ağlaya-ağlaya ayrıldı və Fəxrəddinin yanına gələrək üzr istəyici bir halda dedi: – Möhtərəm ağa məni əfv etsin. Sizi öz evimə axşam ayrıldığımız zaman qonaq çağırmalı idim, lakin bu gün cümə günü olduğu üçün xəlifə həzrətlərini ziyarət etmək üçün Rəsafə camesinin qarşısına gəlmək, sizi də bərabər götürüb qonaq aparmağı qərara almışdım. İndi isə buyurun axşamdakı tanışlığı möhkəm etmək üçün bir parça duz-çörək yeyək. Fəxrəddin bu sözlərdən qəlbən sevinsə də, zahirdə qadından üzr istəyərək: – Möhtərəm və əziz xanımın əziyyətinə razı ola bilmərəm, dedikdə, qadın: – Zənn edirəm ki, məni təhqir etməzsən. Mən yoldan ötən bir qadın deyiləm, sənin şərabını içdikdən sonra unudub getmək nəzakətsizlikdir. Piyalə arkadaşilə yol yoldaşını unutmaq hər kəsin işi deyildir. Rica edirəm heç bir üzr və bəhanə gətirmədən qabağıma düşüb yola başlayın, – dedi. Onlar birlikdə Dəclə çayı kənarına düşməyə başladılar. Fəxrəddin bu əsrarəngiz qadınla bərabər getdiyini və iqbalını onun əlinə tapşırdığını qəlbində tənqid edərək deyirdi: “Mən öz hərəkətimlə Nizaminin tapşırıqları əleyhinə hərəkət edirəm. Mənə Bağdada yola düşdüyüm zaman Bağdadın cadular və macəraçılar, hiyləgərlər Bağdadı olduğunu demişdi. Mənsə bir gün əvvəl tanış olduğum bir qadının qarşısına düşüb tanımadığım bir tərəfə gedirəm”. Qadın Fəxrəddinin qədəmlərindəki tərəddüdləri görüncə başını qaldırıb Fəxrəddinin üzünə baxdı: – Siz öz iqbalınızı mənim vicdanıma tapşıra bilərsiniz. Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam. Mənim hər işimdə bir səmimiyyət vardır. Bu səmimiyyətə inana bilərsiniz. Onlar danışa-danışa Dəclə çayının kənarına endilər. Qadın yelkənə oturub: – Hərbiyyə məhəlləsinə apar! – dedi. Qadın örtüsünü gözündən tamamilə atmışdı. Fəxrəddin öz qarşısında təbiətin bu bəzəkli gəlinini görüncə hər şeyi unutdu. O, gözlərinə inanmırdı. Bu qədər gözəl və rəna bir qadının bir görüş nəticəsində tanımadığı adamlarla əlaqəyə girməsinə heç vəchlə haqq və səlahiyyət qazandıra bilmirdi. Fəxrəddin daima göz qapaqlarını qaldırıb qadının çöhrəsinə rast gəlirdi, çünki qadın heç vəchlə gözlərini Fəxrəddinin üzündən götürə bilmirdi. Bu vəziyyətin özü də Fəxrəddini şübhələr içərisinə atırdı; çünki Bağdadda dul qadınlar və öz ərlərindən intiqam almaq istəyən zadəgan qadınların görüb-istədikləri adamlarla tanış olaraq evlərinə dəvət etməsini Fəxrəddin hələ Gəncədə ikən eşitmişdi. Gözəl qadınların zəngin adamları aldadaraq evinə aparması və qarət etdirib öldürməsi Bağdadda tez-tez baş verən hadisələrdən idi. Fəxrəddin heç bir şey edə bilməzdi. Yelkəni saxlatdırıb düşə bilməzdi. O, bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. O, qəlbində yenə də öz-özünə deyirdi: “Hər nə olursa olsun, həyatımda birinci dəfə təsadüf etdiyim bu möcüzəyə tamaşa edəcəyəm. Bağdad bütün islam dünyasının sərvətini özündə mərkəzləşdirmişsə, bu sərvəti mənimsəmək üçün bütün dünyanın macəraçıları bu şəhərə yığılmışça, eyni zamanda dünyanın ən məşhur gözəlləri də bu sərvətin ətrafına yığışmışdır. Qarşımda oturan bu qadınla bir saat söhbət etmək yüzillik həyatı yaşamaqdan daha qiymətlidir. Bu bir hadisədir. Bu cürə hadisələrin zəngin xatirələri insan yaşadıqca yaşaya bilər. Hələ bu qadının munis və mütəvazə bir qadın olması da insanın məhəbbətini coşdurur. Gözlərindən bir şübhə oxunursa da, çöhrəsində heç bir xəyanətin izini görə bilmirəm”. Fəxrəddin bu qədər qarma-qarışıq fikirlərin içərisində üzdüyü zaman qadın da onu ayağından başına və başından ayağına qədər ölçüb-biçirdi. O yenə də sanki vaxtilə bir kərə gördüyü, indi də unutduğu bir adamı görüb kimliyini təyin etməyə çalışırdı. Namaza gələn minlərcə müsəlmanın kor edilmiş xəlifələrə əhəmiyyət vermədiyi halda, qadının onların yanında diz çökküb əllərini öpməsi də, qadının böyük bir sirrin qaynağı olduğuna dəlalət edirdi. Qadın sanki Fəxrəddinin həmin bu mövzu üzərində düşündüyünü hiss edərək deyirdi: – Mənim hörmətli ağam, siz olduqca haqlısınız. Rəsafə məscidinin qarşısında gördüyünüz mənzərədən heyrət etməmək qabil deyildir. Qadın Rəsafə camesinin qarşısından Hərbiyyə məhəlləsinə qədər xəlifələrin həyatından və Bağdad xalqının vəfasızlığından danışdı. Onlar yelkəndən körpüyə düşüb, qırmızı kərpicdən düzəlmiş geniş pilləkənlərdən Hərbiyyə məhəlləsinə çıxdılar. Onlar yüksək və təntənəli bir qəsrin qarşısında dayandılar. Qadın qapının bürünc toxmağını bir kərə bərkdən, bir kərə yavaşdan vurdu. Gözəl və gənc bir cariyə qapını açaraq başı ilə təzim etdi. Fəxrəddin və qadın pilləkənlərdən çıxıb avizələrlə bəzənmiş bir qübbənin altına daxil oldular. Bura qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. Fəxrəddin küçə dəhlizindən keçib həyətə daxil olduğu zaman, özünü başqa bir aləmdə hiss etdi. Həyətin tam ortasında daşdan tikilmiş dəyirmi bir imarət gördü. Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. Balkonun döşəməsi kəhrəba daşları, tavanları isə əlvan qəndillər, avizələr və çilçıraqlar ilə bəzənmişdi. Dəyirmi binanın ətrafındakı xiyaban qırmızı əqiq daşları ilə şahmat taxtası şəklində döşədilmişdi. Ətraf geniş gülkarlıq idi. Gülün arxasında dəyirmi bir hovuz var idi ki, bina bu hovuzun içərisində qayırıldığı üçün bir ada şəklini almışdı. Geniş və uzun hovuzda səyahət üçün kiçik qayıqlar üzürdü. Hovuzdakı fiqurların müxtəlif əzalarından fışqıran fəvvarələr Bağdad gündüzünə məxsus hərarətin müqavimətini qıraraq, həyəti bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə doldururdu. Hovuzdan o biri tərəfə sıra ilə limon, portağal, narınc və nar ağacları əkilmişdi. Fəxrəddin həyətdə dolandığı zaman dimağına rəngbərəng güllərin ətirləri ilə bərabər limon və portağal qoxuları da gəlirdi. Limon ağaclarının arxasında Bağdad səmasına baş çəkmiş sərv ağacları boynunu ruzigara əyməyən qəhrəmanlar kimi səf çəkib dayanmışdı. Bunlar qəsrin alçaq hasarının dibində bitdikləri üçün qəsrin həyətini sərinlətmək vəzifəsini bitirirdi. Fəxrəddin sanki yuxu görürdü. O, həyəti qadınla bərabər gəzdiyi zaman belə düşünürdü: “Bu qadın Bağdad əyanları və yaxud xəlifəzadələrindən birisinin cariyəsidir. Biləks, adi bir qadın bu qədər böyük və şahanə saraya malik ola bilməz. Bilmirəm, qadın öz ağasından icazə almadan mənim kimi yabançı bir adamı qonaq gətirmək səlahiyyətinə malikdirmi? Fəxrəddin Bağdad haqqında eşitdikləri xüsusiyyətlərdən daha birisini xatırladı və öz-özünə dedi: “Olmaya mən dul bir qadının şəhvətinə alət olmaq üçün aldanıb bu evə gətirildim? Əcəba, mən Bağdadın iyrənc xüsusiyyətlərindən xəbərdar olduğum bir halda nə üçün də bu qadının tələsinə düşdüm? Əcəba, bu cariyə məni ərə gedə bilməyən dul xanımı ilə tanış etmək üçünmü bu evə gətirdi?! Mən heç vaxt bu alçaqlığı qəbul edə bilmərəm”. Fəxrəddin bu düşüncələrin təsiri altında olaraq əlini şir heykəlinin başına qoyaraq dayandı və qadına müraciətlə dedi: – Zənn edirəm ki, bu qədər bəsdir, indi xanım icazə versin, mən getməliyəm. Yoldaşlarım bura gəldiyimdən xəbərdar deyildir. Fəxrəddin bu sözləri dedikdə qadın heyrət və təəccüblə onun üzünə baxaraq soruşdu: – Mənim ağam, bu nə deməkdir?! Bizim duz-çörək kəsdiyimiz bundan ibarətmi idi?! Bir qadının evinə gəlib onun bir piyalə şərbətini içmədən çıxıb getməyin nə qədər acı bir təhqir olduğunu təsəvvür edirsinizmi?! Fəxrəddin yenə də inad göstərərək dedi: – Zənn edirəm ki, tanışlığı böyük tarixə malik olmayan və bir-birini az tanıyan adamların bir-birinə artıq zəhmət verməsi cayiz deyildir. Qadın buna etiraz edərək: – Mənim ağam, əbəs yerə siz belə düşünürsünüz, tanışlıqların hamısı əvvəlcə bu cür başlanır, – dedi. Fəxrəddin də: – Göstərdiyiniz məhəbbətlərdən razıyam, bundan artığına layiq deyiləm, – dedikdə, qadın ağladı və onun gözündən düşən bir qətrə yaş Fəxrəddinin alovlanmaqda olan cürbəcür fikirlərini söndürdü. O, qadının qəlbini ələ gətirmək üçün: – Mən getmək üçün tələsməkdə gözəl xanımı təhqir etmək istəmədim. Bütün bunlar sizin rahatınızı pozmamaq üçün idi, – dedi. Onlar həyəti dolaşıb balkona çıxdıqları zaman, cariyələr yemək süfrəsi düzəldirdi. Balkonun ətrafına nazik ipəkdən pərdə çəkilmişdi. Balkonun iki tərəfində duran xidmətçilər balkonun tavanından asılmış böyük yelpazəyə hərəkət verir və burada bahar nəsiminin sərinliklərini yaradırdı. Gözəl cariyələr, buzda sərinləşmiş əlvan şərbət və qiymətli şərabları süfrəyə düzürdü. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib qadına və Fəxrəddinə təqdim edirdi. Bu dəbdəbə yenə də Fəxrəddini düşündürdü, ona özünün adi adamın evində olmadığını xatırlatdı. Fəxrəddin qəlbində götür-qoy edib “tutaq ki, bu qadının mənə nisbət iltifatı bir səmimiyyətin nəticəsidir. Mən bu səmimiyyəti nə ilə qarşılaya bilərəm?! Dünya malına, qızıla və qiymətli daşlara ehtiyacı olmayan bir qadının qəlbini nə kimi bir mükafatla ələ gətirmək olar?” – deyir və sonra da belə bir qərara gəlirdi: “Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə bir hədiyyə almaq lazım idi. Hərgah qadının mənə olan bu hörməti bir məhəbbətin nəticəsidirsə, bunun üçün o mənə hər cürə köməyi verə bilər, mən də burada Dilşadı bu qadının vasitəsilə tapıb görüşə bilərəm”. Qadın Fəxrəddinin süfrə başında da düşündüyünü hiss edərək kənarda duran cariyəni səsləyərək: – Teyyibə, durma, sən də, Müəlla da udu, kamançanı və dəfi götürüb bura gəlin, – dedi. Bir neçə dəqiqədən sonra, qızlar dəf, ud və kamança ilə gəlib oturdular. Qadının özü udu əlinə götürüb pərdələrini düzəltdi və Fəxrəddinə müraciətlə dedi: – Dünən gecə bizim üçün yelkəndəki qız Dilşaddan oxudu, pis də oxumadı. Mən Həyatı tanıyıram, o, Bağdad oxuyanlarının ən yaxşısıdır. İndi də mən ağa üçün Dilşaddan oxuyacağam, – dedi və udun ipək simlərini tərpətdi. Bebinəm əz nəfəsi an cəmalü zibara, Digər nəzər nə güşayəm behişti hürara. Çü tarü çəng zi çəngü qamət şödəm lağər Əzon kəşəm çü kamança xürüşi bicara. Çü ney fəqan benümayem çü ud nalə konəm, Bayəd avərəm an təlötü dilarara. Fəxrəddin Azərbaycanda olduğu zaman və Dilşada nişanlandığı zaman onun bu qədər məşhur gözəl olduğunu, hətta Şərq gözəllərinin mərkəzi sayılan Bağdad şəhərinin diqqətini cəlb edəcəyini bilmirdi. Dilşadın gözəlliyinə yüzlərcə qəzəllər və rübailər həsr edildiyini eşidərkən, bir daha qəlbində inlədi, elə bir qiymətli cavahirin bir daha özünə qayıtmayacağını yəqin etdiyindən soyuq-soyuq ahlar çəkdi. Nahar yeməyi bitdi, Fəxrəddin qalxıb getmək istərkən qadın etiraz edərək: – Yox, mənim ağam, günün bu zamanı Bağdadda dışarı çıxılmaz, axşam sərinləri düşünçəyə qədər burada istirahət etməlisiniz, – dedi. Cariyələrdən birisi qabağa düşüb Fəxrəddini zəngin bir otağa gətirdi. Lakin Fəxrəddini yuxu aparmırdı. O, otağın zənginliyinə baxır, düşünür, bu müəmmalı qadının kimliyi barəsində fikrə gedirdi. Fəxrəddinin şübhələrini cəlb edən ən başlıca səbəb, qadının ona diqqətlə baxması və baxarkən qəmli-qəmli düşünməsi idi. Fəxrəddin bu fikirlə də qəti olaraq dedi: “Yəqin ki, o məni bir adama oxşatmışdır”. * * * “Yalançı Dilşad” Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi: – Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir. Qulam getdi. Fəxrəddin tələsik geyindi. Onun fikrincə, onu qapıya çağıran həmin tanış olduğu qadın idi. Lakin Fəxrəddin qapıya çıxdığı zaman, Səba xanımın qapıda durduğunu gördü, təəccüb etdi. Səba xanım irəli gəlib salam verdi və ağladı. Fəxrəddin onun salamını alaraq sual verdi: – Nə üçün ağladın? Sənə bir müsibətmi üz vermişdir? – İki gün idi ki, səni axtarırdım, tapa bilmirdim. İndi isə sevindiyim üçün ağlayıram. – Sən Bağdada nə üçün gəldin? – Mələkə neçə müddətdir ki, Bağdaddadır. Vəliəhd Həmədanda mənim yanımda qalmışdı, anasız yaşaya bilmədi, Atabəyin əmri ilə onu götürüb Bağdada gətirdim. Bu günlərdə mən də, mələkə də Həmədana qayıtmağa hazırlanırıq. – Xəlifənin cülus günündə iştirak etmək mələkə üçün maraqlı deyilmidir? – Maraqlı olsa da əlahəzrət qayıtmasına əmr vermişdir, çünki Atabəyin özü cülus günündə iştirak etmək üçün Bağdada gəlməlidir. Təəbiidir ki, mən bunları demək üçün sənin yanına gəlməmişəm, məqsədim səni görmək idi, köhnə tanışlığımızın xatirəsi bunu məndən tələb edirdi, eyni zamanda sənə bir xidmət etmək də istəyirəm. Hərgah sənin Dilşad haqqındakı məhəbbətin baqidirsə, o zaman sizi görüşdürmək üçün kömək edə bilərəm. Fəxrəddin Səba xanımın nə qədər macəraçı və yalançı olduğunu yəqin etsə də, yenə Dilşadın adını eşidərkən hər bir şeyi unutdu və Səba xanımın əlini sıxaraq: – Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. Söylə Səba, söylə, hazırda Dilşad haradadır? Səba xanım o tərəf bu tərəfə baxaraq yavaşdan dedi: – Özün düşün, harada ola bilər? Vəfat etmiş xəlifənin sarayındadır. – Səba xanım! Sən nə qədər mərhəmətli bir qızsan. Neçə gündür ki, hər gün Xüld sarayının qapısını kəsib durmaqdayam, lakin orada Dilşaddan bir iz tapa bilməmişəm. Əcəba, o bir saat da olsa saraydan dışarı çıxmırmı? – Əlbəttə, o məhbus deyildir. O istədiyi zaman hər bir tərəfə gedə bilər. Lakin mələkə sizin Bağdadda olduğunuzu eşidərək o qızın qəsrdən kənara çıxmasını qadağan etmişdir. – Onda bəs necə olsun? – Dünyada mümkün olmayan heç bir iş yoxdur. Mən hər nə olursa olsun, sizin görüşünüzü düzəldə bilərəm. Sən Dilşada bir məktub yaxıb mənə verməlisən, çünki məktub olmadan Dilşad sənin Bağdada gəldiyinə inana bilməz. Məktubu aparandan sonra vaxt təyin edərik. Mələkə qəsrdən çıxıb şəhərə getdiyi zaman Dilşadı saraydan sənin görüşünə gətirə bilərəm. Amma bunu sənə demək istəyirəm ki, Dilşadı görsən tanımayacaqsan. O qədər gözəlləşmiş, o qədər tərbiyələnmişdir ki, hazırda Bağdad gözəllərinin içərisində birinci gözəl sayılır. Yazıq qız mənim Bağdada gəldiyimi görüb o qədər sevindi ki, təsəvvürə gətirə bilmirəm. Gecə-gündüz bir otaqdayıq, səhərə kimi dərdləşirik, çünki bizim ikimiz də bədbəxt olduq. Qızın ağzı, dili və fikri ancaq Fəxrəddindir. Fəxrəddin qızın ağır vəziyyət keçirdiyini eşidərkən, nə edəcəyini və qıza nə kimi vasitələrlə nicat verəcəyini bilmirdi. O, həyəcanlı bir ifadə ilə əlini-əlinə vurub: – Bilmirəm o həyasız Qətibə bədbəxt qızdan nə istəyir? Onun gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? Qızı vətənindən, məmləkətindən aparıb Bağdad saraylarına göndərdiyi kifayət deyildimi? Əcəba, yazıq qıza əsirlikdədəmi rahatlıq vermək istəmir? Heç bilmirəm mən öz intiqamımı o həyasız qadından nə vasitə ilə alacağam. Səba xanım onu sakit edərək: – Bu cür sözlərin yeri deyil. Sən bu sözləri hey kəsin yanında danışma. Sən bilirsən ki, düşmənin çoxdur. Xüsusən Hüsaməddin ilə olan düşmənliyini unutmamalısan. Bura Bağdaddır, burada hər cür gizli işlər ola bilər. Səndən rica edirəm, tanımadığın yerlərə getmə. Mən bir sözü bilməsəm danışmaram. Burada gözəl qadınlar, minlərcə qızıl dinar qiymətinə alınmış və misli görünməmiş cariyələr vardır. Onlar səni aldadıb şəhərin tanınmaz bir guşəsinə çəkib həyatdan məhrum edə bilərlər. Səba xanım Fəxrəddini öz sədaqətinə inandırdı. Buna görə də Fəxrəddin Dilşada məktub yazıb Bağdadda olduğunu bildirmək qərarına gəldi. Səba xanım məktubu Fəxrəddindən almaq üçün Əmin qəsrinin qapısında durub gözləyirdi. Fəxrəddin məktubu çox qısa yazdı, çünki Səba xanım uzun məktub yazmamasını tapşırmışdı. Fəxrəddinin yazdığı məktubun məzmunu bundan ibarət idi: “Mənim ruhum Dilşad! Bağdaddayam, səninlə tezliklə görüşəcəyəm. Fəxrəddin”. Səba xanım məktubu alıb yola düşdüyü zaman Fəxrəddindən soruşdu: – Sən günün nə vaxtını burada olursan? – Səhərlər, bir də nahar yeməyindən sonra. – Bəlkə də sabah gecə səni görüş üçün gəlib apardım. Fəxrəddin Səba xanıma təşəkkür etdi və iyirmi qızıl da ovcuna basdı. Səba xanım pulları alıb cibinə qoyandan sonra: – Məgər mən bu xidməti pul üçün bitirmək istəyirdim? – deyərək ayrıldı. ...Qətibə Xüld qəsrində oturub Səba xanımın yolunu gözləyirdi. O qəlbində: – “Atamın qatilini burada məhv etməsəm, heç bir yerdə məhv edə bilməyəcəyəm. Bu cür işləri həyata keçirmək üçün Bağdaddan əlverişli bir yer tapa bilmərəm. Onu əcəl dolandırıb bu şəhərə gətirmişdir” – deyirdi. Qətibə bu fikirlə gəzinir və tez-tez Səba xanımın gəlib-gəlməməsini soruşurdu. Nəhayət, cariyələrdən birisi Səba xanımın qayıdıb gəldiyini xəbər verdi. Qətibə onun təcili surətdə otağa göndərilməsini əmr etdi. Səba xanım içəri girdiyi zaman onun gözlərində böyük bir qələbənin şadlığı oxunurdu. Qətibə Səba xanımın danışmasına imkan verməyərək soruşdu: – De görüm, Səba, nə xəbər gətirdin? Səba xanım cavabında: – Xanım düşündüyünü onun düşməni düşünürmüş. – De görüm, o nə düşünür? – O neçə gündür ki, Xüld qəsrinin ətrafında qarovul çəkib mələkənin dışarı çıxmasını gözləyirmiş. – Onun mənimlə nə işi vardır? – O, mələkəni oğurlatdırıb məhv etmək istəyir. O, keçən gecə qəsrin qapısında imiş. Sabah gecə də burada olacaqdır. – Onun özü də bu məqsəddə olduğunu sənə söylədimi? – Onun aldığı məlumata görə siz Bağdada gələn kimi Dilşadı həbsə aldırmışsınız. Bunun üçün də sizdən intiqam almağa çalışır. Qətibə bir az düşündükdən sonra yavaşdan dedi: – Baxıb görüm kim kimdən intiqam ala biləcəkdir. Səba xanım durub Qətibənin əlinə baxırdı. O bu xidmətinə görə Qətibədən mükafat gözləyirdi. Qətibə fikrə cummuşdu, mükafat vermək məsələsini xəyalına belə gətirmirdi. Buna görə də Səba xanım: – Mənim canım da mələkəyə qurbandır. Bu xidməti ancaq mələkənin xatirəsi üçün bitirdim. Onun qəhrəmanlığına baxmayaraq gətirib tora salacağam. Qətibə başını qaldırıb Səba xanımın üzünə baxıb təbəssümlə dedi: – Ay tamahkar şeytan, sənin nə dediyini bilirəm. Sən pulsuz və mükafatsız peyğəmbərə salavat çevirməzsən. Al, sənə bir az mükafat verim. Böyük mükafatı isə məqsədim həyata keçəndən sonra. Qətibə bunu deyərək Səba xanıma yüz qızıl verdi. Səba xanım isə qızılları cibinə saldığı zaman qəlbində: “Bu alış-veriş yaman olmadı”, – dedi və Qətibəyə müraciətlə: – İndi isə bir neçə kəlmədən ibarət məktub yazmalısan. Qətibə soruşdu: – Nə kimi bir məktub?! – Dilşadın tərəfindən Fəxrəddinə belə bir məktub yaz: “Mənim ruhum! Bağdadda olduğun zaman, eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsirini unutma, tez-tez görüşə gəl”. Qətibə qələmi götürüb Səba xanımın dediklərini yazdı və imzasını atıb Səba xanıma verdi və Hüsaməddinlə görüşüb məsələni ona demək üçün başqa bir otağa keçdi. Səba xanım isə Qətibədən aldığı kağızın aşağısını kəsib imzanı götürdü və qəhqəhə ilə gülərək dedi: – Bu vəsiqə də yaman vəsiqə deyil! Bu məktubun Qətibə tərəfindən Hüsaməddinə yazıldığına kim inanmaz? Əcəba, Atabəy öz qadınının xəttini tanımırmı?! Yaman olmadı, bu alış-veriş qazanclı alış-verişdir. Qətibənin Hüsaməddin ilə əlaqədə olmasını sübut etmək üçün bundan da möhkəm bir vəsiqə ola bilməz. Səba xanım getdi. Bir az sonra Qətibə ilə Hüsaməddin birlikdə otağa girdilər. Qətibə pəncərənin arasında oturub çox ehtiyatlı bir vəziyyət almaqla dedi: – O da biz düşündüyümüzü düşünürmüş. Hüsaməddin təəccüblə soruşdu: – Necə yəni “o da biz düşündüyümüzü düşünürmüş?”. – Elə bu saat Səba xanım onun yanından gəldi. İki gecə imiş ki, o məni öldürmək üçün Xüld qəsrinin yanında dolanırmış. – O bunu bacarmaz, burası Bağdaddır. Lakin biz bacararıq. – Səba xanım onu müəyyən bir vaxtda sarayın qapısına gətirəcəkdir. Onun şərrini birdəfəlik başdan eləmək lazımdır. Hüsaməddin fikrə getdi. Uzun dəqiqələr düşündü. O, Qətibənin təklifini bir növ həll edə bilmirdi. Xüld qəsrinin qarşısında Fəxrəddini tutub məhv etməyi imkan xaricində bir iş hesab edirdi. Buna görə də o, Qətibəyə belə bir məsləhət gördü: – Xüld qəsrinin qarşısında Fəxrəddin kimi adamı tutub məhv etmək olmaz. Əvvələ, o bir, iki, bəlkə də daha çox adama can verməz. İkincisi də, o, Azərbaycan heyətinin sədridir, onu burada – qəsrin qabağında öldürək təzə xəlifənin də xoşuna gəlməz. Mənim fikrimcə, tamamilə başqa bir tərtibat tapmalıyıq. Burası Bağdaddır, burada cürbəcür macəraçılar vardır. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. Fəxrəddini o yerlərin birisinə aparıb zəhərləmək və öldürmək lazımdır. Mənim burada tanıdığım adamlar çoxdur. Elə bir yeri mən düzəldə bilərəm, Səba xanım isə onu aldadıb həmən yerə gətirməlidir. Qətibənin rəngi gül kimi açıldı və o, şad bir çöhrə ilə: – Mümkündür, – dedi, – o, Dilşadla görüşmək üçün hər bir yerə gedə bilər. Səba xanım bunu həyata keçirmək üçün mənim canıma and içmişdir. – Mən də bu barədə mələkəyə söz verirəm. Lakin səbrin də bir dərəcəsi vardır. Mələkəyə yalvarıram, Bağdaddayıq, hər bir şeyə imkan vardır. Rica edirəm, mələkə mənim şadlığımı təxirə salmasın. – Mən istəyirəm sən yaslar, kədərlər, matəmlər içində çırpınan bir qadına deyil, şad bir ürəklə zənginliklərə bürünən bir qadına sahiblənəsən. Mən həyatımızın kədərlə deyil, bayramla başlanmasını istəyirəm. Sən bir matəm heykəlini deyil, üreyinə şadlıq və həyatına bəzək verən bir şadlığın mücəssəməsini qollarının arasına alasan. Qətibə bunu deyərək birinci dəfə qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarını ona tərəf uzatdı. Yenə də dodaqlarını onun dodaqlarından güclə qopardığı zaman: – Dalısı sonra, – dedi. – Sən Fəxrəddinin başını gətirməyi mənə borclusan. – O vəzifəni bu yaxın günlərdə bitirəcəyəm. – Sən Gözəlin oğlanlarının öldürülməsini mənə vədə vermişdin. – Mələkə Bağdaddan Həmədana qayıdana qədər bu vəzifəni bitmiş görəcəkdir. Azərbaycana bu barədə inanılmış adamlarımı göndərmişəm. Qətibə onun dodaqlarından bir daha öpdü və çox ehtiyatla dedi: – Mühüm məsələlərdən birisi də Səbanın məsələsidir. – Səbanın hansı məsələsi? – Mən elə bilirəm ki, onun Bağdada gəlməsi səbəbsiz deyildir. Toğrul, Zahir Bəlxi və Kəmaləddin burada mənim yanımda olduğu zaman Səba xanımın pərdə dalısında gizləndiyi və danışdıqlarımızı eşitdiyini söylədilər. Hüsaməddin etiraz edərək: – Ola bilməz, – dedikdə, Qətibə: – Bunu mənə xalam Aliyeyi Ülya xanım dedi. O bizim Toğrul ilə olan danışıqlarımızı Atabəyə xəbər verərsə, biz nə kimi üzr gətirə bilərik?.. İntihar etməkdən başqa bir çarə vardırmı? Mən çoxdandır Səbadan şübhələnirəm. Toğrulun mənə yazdığı məktubu itirəndən sonra bu qıza heç də qəlbim qızmır. Hər halda bunu məhv etmək lazımdır. Böyük sirlərdən xəbərdar olan ürəklərin hərəkətini dayandırmaq lazımdır. Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi, çünki o, Səba xanımı öz ruhu qədər sevirdi. O heç bir vəchlə Səba xanımın məhvinə razı ola bilməyəcəkdi. Buna görə də Hüsaməddin Qətibəni razı salmaq üçün dedi: – Mələkə bu işi mənə tapşırmalıdır. O kimi qadınların ruhu ilə mən hər kəsdən artıq tanışam. Mələkə bilməlidir ki, Səba heç bir vaxt məni satmaz. O məni qəlbən sevir. Heç vaxt mənim məhvimə razı olmaz. Hərgah mələkə qısqanmazsa, mən Səba xanımın ağzını aramaq üçün ona yaxınlaşaram. Qətibə saxta bir etiraz baxışı göstərməklə: – Sən məni yenə də zəhərləməkmi istəyirsən?! – dedikdə, Hüsaməddin: – Allah etməsin! Mən mələkəni bu qorxudan azad etmək üçün o cür əclaf qadına yaxınlaşmaq əzabına qatlaşacağam – dedi. Qətibə ağlamaq istədi, saxta bir səslə yavaşdan: – Yaxınlaş, lakin... icazə vermirəm, – dedi. * * * Fəxrəddin Səba xanımın ona verdiyi nəsihətləri unutmaq istəmirdi. Buna görə də yelkəndə tanış olduğu qadının görüşünə getmək fikrini dəyişmək istəyirdi. Eyni zamanda, qonaqlandığı və hətta evində yatıb istirahət etdiyi və olmazın hörmətlər gördüyü qadını unutmaq və mükafatsız qoymağı öz vicdanına sığışdıra bilmirdi. O tez-tez öz şübhələrinə qalib gəlmək üçün qəlbində “o mənə bir şey etmək istəsəydi, birinci gün onun evində istirahət etdiyim zaman edə bilərdi. O qadının hərəkətləri də, baxışı da bir xəyanətə qail olmadığını göstərirdi”, – deyir və düşünürdü. Fəxrəddin sonra da: “Mənim daha bu kimi qadınlara nə ehtiyacım vardır?” – deyə düşünürdü. – “Madam ki, Dilşadın yerini öyrəndim, bir halda ki, Səba xanım bizi görüşdürməyi öhdəsinə götürür, daha mənim o qadınla nə işim vardır? Mən ki, Bağdada səyahət üçün gəlmədim!”. Lakin Fəxrəddin nə danışırsa danışsın, yenə də qadının mərhəmətləri, hörmətləri, baxış və danışıqları onun gözlərində və qulaqlarında təcəssüm edir və səslənirdi. Bu xatirə və bu səslər onu qadının görüşünə getmək fikirləri üzərində möhkəm-möhkəm bağlayıb saxlayırdı. Fəxrəddin Əmin qəsrindən dışarı çıxdığı zaman qapıda bir az da durub, iki könüllü adamlar kimi düşündü və sonra da qadına bir şey hədiyyə almaq qərarına gəldi. O, Bağdadın ən zəngin mağazalarını, timcə və bazarlarını dolaşdı. Təsadüfi olaraq karvansaraların birisində bir yəhudi tacirinə rast gəldi, ən qiymətli bir xalça ələ keçirdi. Xalça Fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. Xalçanın üzərində Dürrətülbağdadın hörmət bəslədiyi, Rəsafə məscidinin qarşısında saillik edən kor xəlifə Müttəqibillahın surəti çox sənətkar bir surətdə toxunmuşdu. Xalçaya baxıldığı zaman xəlifənin xalça üzərində oturduğu və namazdan sonra əllərini və göz qapaqlarını göyə qaldırıb Allaha yalvardığı görünürdü. Diri insandan fərq edilməyən bu xalça Fəxrəddinin diqqət və nəzərini cəlb etdi. O öz-özünə: “Dürrətülbağdad üçün bundan dəyərli bir hədiyyə ola bilməz”, – deyə xalçanı ağır bir qiymətə aldı. Fəxrəddin xalçanı alandan sonra tacir Fəxrəddinə bir qadın xələtini də göstərdi. Xələt Çində düzəlmiş ən zəngin xələtlərdən idi. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi. Fəxrəddin xələtə baxdığı zaman qəlbində: “Hər nə qiymətə olursa, bu xələti də haman hörmətli qadın üçün hədiyyə alacağam”, – deyə xələti aldı. Fəxrəddin xələtin üzərindəki yazıları oxutdurduğu zaman şadlığından titrədi, xələtin yalnız nəfis və incə olmasilə deyil, onun tarixi bir irs olduğu ilə də maraqlandı. Xələtin hər iki tərəfdən döşlərində ipəklə tikilmiş belə bir yazı var idi: “Çin mələkəsindən birinci xəlifənin qadını həşəmətli Ümmi Rəman həzrətlərinə hədiyyədir”. Lakin xələtin uzun tarixə malik olduğuna baxmayaraq çox ehtiyatla saxlandığı görünürdü, olduqca təzə idi. Fəxrəddin islam tarixi üçün bu qədər əhəmiyyəti olan irsi və nəfis xalçanı götürüb getmək istərkən tacir ona nəfis bir güldan da təklif etdi. Fəxrəddin etiraz etmədi. Yəhudi taciri kiçik bir sandıqçanı açıb, pambığa sarınmış bir güldan çıxartdı. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. Xüsusən güldanda məşhur xəlifə Harunərrəşidin qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. Orada gözəl bir bağça təsvir edilmişdi. Böyük sərv ağaclarının arasındakı geniş hovuzda uca fəvvarələr atır, xəlifənin sevib evlənmək istədiyi Zübeydə isə hovuzda çimir, Harunərrəşid də böyük bir ağacın budaqları arasında gizlənib ona tamaşa edirdi. Fəxrəddin güldanı da kəmali-məmnuniyyətlə aldı. Sövda bitdikdən sonra Bağdad tacirləri hər tərəfdən xəbərdar olub karvansaraya töküldülər. Şeyləri nəzərdən keçirdikləri zaman Fəxrəddinə müraciətlə, verdiyi qiymətin üzərinə bir o qədər də əlavə etdilər. Lakin Fəxrəddin – “satmaq üçün almamışam” – deyərək, onları rədd etdi və bir nəfər hambal çağırıb şeyləri yelkənə gətirdi və hambal ilə bərabər Hərbiyyə məhəlləsinə yola düşdü. Nahar zamanına az qalırdı. Bunun üçün Fəxrəddin içəri girməkdən utanırdı. O, qəlbində düşünürdü: “Qadın mənim nahar vaxtı gəldiyimə güləcək və qəlbində – yəqin ki, nahar eləmək üçün gəlmişdir, – deyəcəkdir. Bəlkə də hazırlığı yoxdur, qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər”. O qayıda bilməyəcəkdi, hambal da hədiyyələr əlində durub gözləyirdi. Fəxrəddin məcburən qapının aslan başından ibarət olan bürünc çaxçaxını qorxa-qorxa vurdu. Bir azdan sonra qadının cariyəsi Teyyibə qapını açıb Fəxrəddini gördüyü zaman: – Mənim ağam, bu saat, – deyərək pilləkənlərdən yuxarı qalxdı. Bir dəqiqə keçmədən qadının özü şad bir çöhrə ilə Fəxrəddini qarşıladı: – Bu saatda sizi düşünürdüm. Hər bir arzuma bugünkü kimi asanlıqla nail olsaydım, daha nə dərdim ola bilərdi, – deyərək Fəxrəddinin əlindən tutub pilləkənlərdən qaldırdı. Cariyələr hambal gətirdiyi hədiyyələri alıb onların dalınca dəhlizə girdilər. Fəxrəddin isə hədiyyələri xanıma göstərib: – Möhtərəm xanımdan çox rica edirəm mənim bu kiçik hədiyyələrimi qəbul etsin, – dedi. Teyyibə birinci olaraq güldanın üzərindən örtünü götürdü. Qadın güldana baxarkən heyrətə düşdü, bu qədər zəngin və zərif bir güldanın özünə hədiyyə gətirildiyinə inanmadı. Təxminən yarım saatdan artıq güldana tamaşa etdi, onun üzərindəki tabloların nəliyini və kimliyini öyrəndi. Qadın Fəxrəddinə təşəkkür edərək dedi: – Belə nadir bir hədiyyə Bağdad saraylarının heç birisində yoxdur. Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətim vardırmı?! Fəxrəddin qadının cavabında: – Xanımın dərəcəsi bundan da ucadır. Haqqımda göstərilən hörmət və nəzakətin qiyməti yüzlərcə bu kimi hədiyyələrdən qiymətlidir. Tanışlığımız davam edərsə, bu böyük borcun altından çıxacağam, – dedi. Bu sözlərdən sonra cariyələrdən Müəlla xalçanı açıb göstərdi. Qadın xalçanın üzərində xəlifə Müttəqibillahı görüncə titrədi və: – Ah, mənim ağam! – deyərək xalçanı qucaqladı və dəhşətlə ağladı. Fəxrəddin onu sakit edərək: – Xalçanın sizə bu qədər fəna təsir etdiyini bilsəydim, onu sizə göstərməzdim, – dedikdə, qadın iki əllərilə Fəxrəddinin əlini sıxaraq: – Haşa, mənim ağam, haşa! Siz məni bu xalça ilə öz gəncliyimə qaytardınız. Xəlifə daima xalçada olduğu kimi mənim nəzərimdə canlandı. Sənin bu hədiyyənlə mən bir daha Bağdadın məşhur qadını olacağam, mənim evim bədbəxt xəlifə tərəfdarlarının ziyarətgahı olacaqdır. Bu söhbətlərdən sonra Teyyibə Çin xələtini açıb xanıma nişan verdi; xanım isə sevinərək: – Mən çoxdan bəri belə nəfis bir xələtin arzusunu çəkirdim, – deyə xələti götürüb otağına çəkildi, bir azdan sonra xələt əynində balkona çıxaraq, Fəxrəddinə yanaşdı və əlini onun çiyninə qoyub dedi: – Sanki mənim öz boyuma biçilmişdir. Sizin mənə bu qədər qiymət verdiyinizi bilmirdim. Sizin buradan gedəcəyiniz də mənim üçün bir dərd olacaqdır, – dedikdə, Fəxrəddin də: – Mən hələ uzun müddət buradayam. Gedəndən sonra da istədiyiniz zaman hüzurunuzda olmağa söz verirəm, – dedikdə, qadın bir ah çəkərək: – Kişilərin bir eybi orasındadır ki, qadınlardan ayrıldıqları zaman öz ürəklərini də bərabər götürüb gedirlər. Çünki onlar ürəklərini başqa bir qadına verməyi adət etmişlər, – deyərək güldü. Fəxrəddin də gülərək: – Hərgah qadını da öz ürəklərilə bərabər götürüb getsələr necə olar? – dediyi zaman qadın da: – O zaman hər kişinin yüz nəfər qadından ibarət bir hərəmxana saxlaması lazım gələrdi. – Elələri azdırmı? Qadın bir az düşündükdən sonra fikirli bir surətdə dedi: – Bağdadın iqbal dövrünü söndürən və xəlifələrin əxlaqını pozan da bu olmadımı?! Bütün dünyanın gözəl qadınları Bağdada gətirildi. Bütün dünyanın qızılları Bağdada axıb gəldi. Hamısı da qadınlara, hərəmlərə, eyş-işrətə sərf olundu. İndisə xilafətə əyləşənlərin hökmranlıq edəcəyi müddət o qədər qısalmışdır ki, bir qadının hamilə olaraq doğmasına da kifayət vermir. Xəlifə Məstəkfibillah xilafətindən endiriləndən sonra iyirmi səkkiz qadını bir ildə doğmuşdu. Gəl bu məhəbbətləri bir tərəfə buraxıb, bir az da dünyanı unudaq, – deyərək Teyyibəni səslədi və dedi: – Teyyibə, süfrəni açın, şərab gətirin, sən də, Müəlla da gəlib oturun, əziz qonağı məşğul edin, çünki mən öz söhbətlərimlə onu kədərləndirdim. Süfrə qaranlıq düşənə qədər davam etdi. Bağdad gecəsinin qara saçlı qızı qara ipək əbasını üstünə saldığı zaman, qadın da qara saçları gözünün üstündən kənara ataraq Fəxrəddini dərin nəzərlərlə süzürdü. Qadının qarşısında iyirmi beş yaşlı və kişiliyə məxsus xüsusiyyətlərin hamısını mənimsəmiş gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. Bağdad mühitində böyümüş, əsrinin incəsənət sahəsində ən yüksəklikləri əldə etmiş, bir şair qəlbi kimi həssas qəlbə malik olan bu qadın, Fəxrəddin kimi vüqarlı və zəngin bir gənci sevməyə bilərdimi?! Hələ Fəxrəddinin Bağdadda bərabəri olmayan bir qadına, bir gözələ baxmaması da, qadının Fəxrəddinə olan meyl və marağını coşdururdu, çünki Fəxrəddin öz məqsədini uduzmamaq üçün qadına qarşı ehtiyatlı və etinasız davranırdı. Fəxrəddinin fikrincə, qadına öz sevgi hisslərini duydursaydı, qadın onu başqalarına qısqanacaq və Dilşadın tapılması işinə əngəl törədə biləcəkdi. Dürrətülbağdad cariyəsi Teyyibəni səslədi: – Teyyibə, sən də, Müəlla da, Bəşarət də hazırlanın, mən bu gecəni ağanın xidmətinə və Dəclənin səyahətinə sərf edəcəyəm, – dedi. Qaranlıq hər tərəfi bürümüşdü. Fəxrəddinlə xanım və üç nəfər də cariyə Dəclə çayının kənarına düşdülər. Gəmilərdən ən birinci sinifli olan bir gəmini çağırdılar. Gəmi körpüyə yanaşırkən qadın: – Bizdən başqa heç bir kəsi götürməyəcəksən, – dedikdə, ərəb: – İtaətimiz var, – deyərək taxtanı qoydu. Cariyələr yanlarınca götürdükləri hazırlığı yelkən gəmisinin kiçik mizi üzərinə döşədilər. Qadın baş örtüsünü götürüb cariyəsinə verəndən sonra səyahətə lazım olan bütün vasitələri sahmana salmağa başladı və Fəxrəddinə tərəf dönüb: – Mənim ağam! Allaha and olsun on beş ildən bəri səyahət məqsədilə bir dəfə də olsa gəmiyə oturmamışam. Bədbəxtliyimin tarixi on beş ilə çatır. Hələlik o tarixi sizə danışmayacağam, çünki insan nə qədər daş ürəkli olursa olsun yenə də mənim bədbəxtliyim tarixindən kədərlənə bilər. Hərgah dostluğumuz davam edərsə, başıma gələn hadisə haqqında sizə danışaram. Hələlik Bağdad gecəsinin Dəclə səyahəti üçün hər nə lazımsa yerinə yetirəcəyəm. On beş ildən bəri Dürrətülbağdadın səsini eşitməyən Bağdad şəhəri, bu gecə əziz qonağın şərafinə düzələn səyahətin səbəbinə haman səsi eşidəcəkdir. Dəclənin suyu pəncərələrdən düşən əlvan şamların şəfəqi altında balıq beli kimi parlayırdı. Əlvan rəngə çalan dalğaların üstündə üzən yelkənlər, ağ qanadlı kələbəklər kimi titrəyə-titrəyə gedirdi. Hər yelkəndən bir səs, hər gəmidən bir nəğmə eşidilirdi. Qadın piyalələri doldurmuşdu. O, təbəssümlə Fəxrəddinə müraciət edərək dedi: – Udun pərdələri yerindədir. İndi də ruhun pərdələrini kökləmək lazımdır. Çünki barmaqlar ancaq ruhun mənəvi sövqü altında olaraq pərdələri danışdıra bilər. Mənim ağam! Mən musiqi dərsi keçmişəm. Başqa musiqiçiləri bilmirəm, mən öz fikrimi və öz düşüncəmi söyləyirəm. Bu deyəcəyimi məktəbdə keçməmişəm, lakin bilirəm ki, udu səsləndirən ipək tellərin bir ucu da musiqiçinin qəlbindədir. Qəlbimlə udun telləri arasındakı rabitə kəsilərsə, udun telləri danışmaz, danışsa da eşidicilərə zövq verə bilməz. Bir neçə piyalə içdikdən sonra qadın udu danışdırmağa başladı və oxudu: Bərahi Dəclə şəbəm ruzi rövşənəst im şəb, Zi rəngi badə müradəm müzəyyənəst im şəb Bir anda Dəclə üzərindəki yelkənlərdən gələn nəğmə səsləri kəsildi, yelkənlərin hamısı Dürrətülbağdadın gəmisinin sağında, solunda və arxasında gedirdi. Yelkənlərin burnuna toxunan suyun xışıltısından başqa bir səs eşidilmirdi. Sarayların, qəsrlərin pəncərələrindən minlərcə baş çıxıb Dəcləyə baxırdı. Qadın bir daha şərab piyaləsini doldurub Fəxrəddinə verdi və: – Al iç, mənim ağam! Bir neçə kəlmə də ərəblər üçün oxuyacağam, kim bilir, bəlkə bu gecəki Dəclə səyahəti son səyahətimdir, – dedi və udu çalmağa başladı: Və nəhrün müşrüqün lovnü Kəən sədyahü hoqqanun Və məşuqun bizişadün Kəən yeynahü zəbyanün Qadın bu şeri oxuyub udu yerə qoyandan sonra, qoca gəmiçi qadına tərəf üzün çevirib: – And olsun kəbənin Allahına, sizin səsinizin məlahəti ancaq Dürrətülbağdadda ola bilər. Zalimlər onu Bağdad xalqının əlindən aldılar, – dedi və ağlamaq istərkən boğazı qəhərləndi. Fəxrəddin gəmiçiyə sual verdi: – Nə üçün onu Bağdad xalqının əlindən aldılar? Gəmiçi oğlunu sükanın başında qoyub mizə yaxınlaşdı və söhbətə başladı: – Onlar bir dəstə qız idi, Reydən xəlifə Müttəqibillah üçün hədiyyə göndərilmişdilər. Onların içində kiçik yaşlı olan Dürrə adlı bir qız var imiş. O çox ədəbli, kamallı, qabiliyyətli və gözəl qız imiş. Xəlifə qızı bu cür qabiliyyətdə gördəndən sonra Bağdadda məşhur qul, kəniz və cariyə satan Fənhasın oğlanlarına müraciət edib, qızın qabiliyyətini yoxlamağı əmr etdi. Fənhasın oğlanlarından Harun bu işdə çox mahir bir adam idi. O, qızın xasiyyəti və qabiliyyəti ilə tanış olandan sonra, gəlib xəlifəyə demişdi ki, bu qızın musiqi və nəğmə üçün çox böyük qabiliyyəti vardır. Hələlik Bağdad oxuyanlarının arasında onun səsinin bərabəri görülməmişdir. Bunun üçün xəlifə qızı, çalıb-oxumaq öyrənmək üçün, Fənhasın tərbiyəxanasına tapşırmışdı. Qız Fənhasın tərbiyəxanasına verildiyi zaman on dörd yaşı var imiş. Qız dörd ilin içərisində Bağdadın ən məşhur oxuyub-çalan bir qızı olur. O çox gözəl imiş, onun üzünə baxan bir daha gözünü onun üzündən götürmək istəməzdi. Nə başınızı ağrıdım, Harun qızı çox qiymətli libaslar və daş-qaşla bəzəyib xəlifənin sarayına aparır. Harun qızı tərbiyəxanadan götürüb xəlifənin hüzuruna gedən zaman cariyələrin hamısı bir-birilə pıçıldaşıb deyirlər ki: “Heyf olsun bu gözəl qıza, bu gecə o qoca xəlifənin qoynunda olacaqdır. Xəlifə heç vaxt bu gözəllikdə qızı öz əlindən buraxmaz”. Bunun üçün də deyilənlərə görə, qız xəlifənin hüzuruna aparıldığı zaman qorxusundan qəlbi çırpınırmış. Qızı xəlifənin hüzuruna aparan gün fitr bayramı imiş. Xəlifə Bağdad əyanları və şahzadələri üçün böyük bayram ziyafəti düzlətmiş imiş. Ziyafətə Bağdadın məşhur oxuyub-çalanlarından bir çoxları dəvət edilmiş imiş. Xəlifənin nədimi Əbüldar məktəb qurtaran qızın gətirildiyini xəbər verir. Xəlifə qızın hüzura gətirilməsinə əmr verir. Məclisdə olanlar musiqinin və oxuyan qızların səsini unudub ancaq o qızın gözəlliyinə baxırmışlar. Məclis əhlinin hamısı bir-birlərinə dönüb: “İndiyə qədər hələ Bağdad şəhəri belə gözəl görməmişdir” – deyərək, bir-birinin qulağına pıçıldayırmış. Xəlifə qızı görərkən: “Sübhanallah, bu necə bir xariqədir” – demiş və qızdan soruşmuşdu: – Sənin adın nədir? Qız demişdi ki, adım – Dürrədir. Xəlifə irəli gəlib demişdi ki: – Öz adını yarımçıq demə! Sənin adın Dürrətülbağdaddır. Xəlifə icazə verdikdən sonra qız oturur. Xəlifə ona əmr edir ki, öz öyrəndiklərini çalıb-oxusun. Qız elə oxuyub, elə çalmışdı ki, xəlifə və xəlifə məclisindəkilər özünü unutmuşdu. Xəlifə qalxıb onun alnından öpmüş və demiş ki, səni azad etdim. Sən cariyə olmaqdansa, musiqi müəllimliyində olmalısan, sən orada hamıdan artıq fayda verə bilərsən. Sonra da xəlifə ona böyük bir qəsr, mal və dövlət bağışlamışdı. Xəlifə ona həmişə deyirmiş ki, “qızım, mənim üçün bir az oxu!”. Qız onun ehsanlarının bərəkətindən Bağdad şəhərinin ən varlı qızlarından idi. Bağdadda onun səsini eşitmək üçün minlərcə dirhəm qızıl xərcləyənlər var idi. Lakin onu bədbəxt etdilər. O, gözəl bir gəncə nişanlanmışdı. Gənc olduqca igid və varlı bir gənc idi. Bütün Bağdad gəncləri ona həsəd aparırdı. Nəhayət, Qahirübillah xəlifənin qardaşı oğlunun tapşırığı ilə haman oğlanı aldadıb Mədain xərabələrini görmək üçün səyahətə apardılar və orada onu boğub Dəcləyə atdılar, ölüsü də tapılmadı. O zamandan bəri haman qızın səsini eşidən olmayıbdır. Bu gecə xanım oxuduqda, mən o bədbəxt qızın səsini xatırladım. Ah, Bağdad bir daha elə oxuyan görəcəkdirmi?.. Qoca sözünü bitirdikdə Fəxrəddin qadına sual verdi: – Qocanın dedikləri doğrudurmu? – Tamamilə doğrudur. Əlavəyə ehtiyac yoxdur. Bu dastanı Bağdadda eşitməyən yoxdur. – Əcəba, haman Dürrətülbağdad sizsinizmi? – Bəli, o bədbəxt sənin qarşında oturmuşdur. Sən elə bilmə ki, mən şadlığımdan oxudum. Bu gecəki Dəclə səyahətini bədbəxt ərimin xatirəsinə düzəltmişdim, çünki əziz qonaq tamamilə mənim məhv olan ərimə bənzəyir. Ona görə də mən bir neçə saatlıq keçmişlərə qayıtmaq istədim. Fəxrəddin qadına sual verdi: – Əriniz ərəbmi idi? – Xeyr, nə ərəb, nə də fars idi. O, Arandan Bağdada hərbi xidmət üçün gəlmiş bir gənc idi. – Adı xatirinizdədirmi? – Əlbəttə xatirimdədir. Onu heç unutmaq olurmu? Bədbəxtin adı Sədrəddin idi. Fəxrəddin ağladı və qadının alnından öpərək: – O mənim qardaşım idi, o mənim böyük qardaşım qəhrəman Sədrəddin idi, – dedi. Qadın heyrətlə onun üzünə baxaraq: – Əcəba, sən Fərğanəli Ömər xan deyilmisən? – Xeyr, mən azərbaycanlı Fəxrəddinəm. – Fəxrəddin? – Bəli, Fəxrəddin. – Onun özü mənə Fəxrəddin adında kiçik qardaşı və Sənubər adında anası olduğunu söyləməmişdi. Fəxrəddin bir daha ağlayaraq: – Bəli, yazıq qadın indi də onun yolunu gözləyir, – dedi. Birlikdə evə qayıtdılar. Fəxrəddin ona öz qəlbini açdı və nə üçün gəldiyini söylədi. Qadın isə bir az fikirləşdikdən sonra: – Süsən xanım xəlifənin evindədir. Mən ona tərbiyə verirəm. Dilşad isə digər qızlarla bərabər Fənhasın tərbiyəxanasındadır. Süsənlə görüşmək mümkündür. Lakin Dilşad olan yerə getmək üçün təzə xəlifənin icazəsi lazımdır; çünki oradakı cariyələrin hamısı xəlifələrə və şahzadələrə məxsusdur. Fəxrəddin fikrə getmişdi. Daha danışmırdı. Nəhayət, qadın sükutu pozaraq yavaşdan dedi: – Sənin bir qədər ehtiyatlı olmağın lazımdır. Mən iki gün bundan əvvəl xəlifə sarayında eşitdiyim xəbərin mənasını ancaq indi anlaya bildim. Sən Dilşadı axtarmaq üçün Xüld qəsrinə getmişdinmi? – Bəli, getmişdim. – Sənin ölən xəlifənin nəvəsi Qətibə xatunla nə kimi haqq-hesabın vardır? – Mənim onunla heç bir işim yoxdur. – Səndən də başqa bir azərbaycanlı Bağdadda gəlmişdirmi? – Böyük bir heyət gəlmişdir. Heyətin sədri də mənəm. – İndi məsələ aydındır. Mən sarayda olarkən xəlifənin kiçik qızı Aliyeyi Ülya mənə pıçıldadı ki, guya Azərbaycan heyətinin sədri Xüld qəsrinin ətrafında dolaşır, Atabəy Məhəmmədin qadını Qətibə xatunu öldürmək istəyir, buna görə də səndən çox rica edirəm ki, o tərəflərdə dolanma! De görüm onlar sənin yanına kimi göndərmişlər? – Onun cariyəsi gəlib, məni Dilşadla görüşdürmək üçün təşəbbüs etdiyini xəbər verdi. – Sən əmin ol ki, onlar səni məhv etmək istəyirlər. Bu sirri bir kimsəyə açma, çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. Lakin yanına gələn qadından qorx, onun təklif etdiyi yerlərə ayaq basma! Onlar hər nə deyirsə yalandır. Dilşad sarayda deyildir. Bu sözlərdən sonra Fəxrəddin Səba xanımın bir daha onu aldatdığını yəqin etdi və qadına təşəkkür etdi. * * * Nizamiyə sui-qəsd Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü. O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq: – Mənim səmimi dostum, şübhəsizdir ki, şad xəbərlə gəlmişdir, – dedikdə, Səba xanım da: – Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmərəm. Şükür olsun ki, böyük zəhmətdən sonra səni məqsədə nail etdim. Bu axşam Dilşadı Dəclə səyahəti adına saraydan çıxaracağam. Sən də Xüld qəsrinin qarşısında məni gözlərsən. Dilşadı Muxtalə xatunun evinə aparandan sonra, gəlib buradan səni görüşə aparacağam. – Muxtalə kimdir? – Muxtalə dəlallıq edən bir qadındır. Evi də çox uzaqda deyil. Şəmasiyyə məhəlləsindədir. Özü də bizim üçün çox baha oturmayacaqdır. İyirmi qızıl Muxtalə xatuna verməliyik, iyirmi qızıl da sarayın qapıçılarına verib ağızlarını yummaq lazımdır. Dilşadla quru süfrədə görüşməmək üçün də bəzi şeylər almaq lazımdır. Onun üçün də heç olmasa iyirmi qızıl verməlisən. Mənim zəhmətim isə sənə qurbandır. Onun üçün heç bir şey istəmirəm. Fəxrəddin Dürrətülbağdadın dediklərini xatırladı. Səba xanımın onu cəllad əlinə verməyə hazırlandığını yəqin etdi və özünü aldırmayaraq gülər və razı bir çöhrə ilə dedi: – Mən sənin kimi səmimi bir dost əldə gətirdiyim üçün özümü həddindən artıq xoşbəxt hesab edirəm. Bilirsən, Səba xanım, hazırda mən sənin gözəlliyinlə, sənin bacarıq və ədəbinlə Dilşadda olan xüsusiyyətləri müqayisə edirəm. Baxıb görürəm ki, Dilşad kimi qızlar sənin bir dırnağın belə ola bilməz. Bunun üçün də mən qəlbimi Dilşadın əlindən alaraq sənin əlinə tapşırıram. Mən artıq Dilşadı görməyə və onunla əvvəlki sevgiləri davam etdirməyə maraqlı deyiləm. Sən bilirdin ki, vaxtilə mən səni sevirdim. Səba fikirli bir surətdə dedi: – Nə üçün də bilmirdim. – İndi necə, qəlbində haman sevgilərdən az da olsa qalırmı? – Sənin səmimiyyətinə inansaydım, mən ancaq sənin olardım. – Məndən bir səmimiyyətsizlik gördünmü? – Sən bir zaman məni tamamilə atdın. – Yenə də buna sən özün səbəb oldun. İndi isə təklif edirəm, sözün nədir? Səba xanım Fəxrəddinin onu bir sevgi ilə qarşılayacağına heç də inanmırdı. Onun üçün bu təklif olduqca əlverişli idi. Çünki o, Atabəy Məhəmmədlə Qətibə arasında yaratdığı qorxulu macəradan müvəffəqiyyətlə qurtara biləcəyinə əmin deyildi. Artıq o, Qətibənin bütün sirlərini Atabəy Məhəmmədə vermişdi. Hətta Qətibəni aldadıb Dilşadın dilindən Fəxrəddinə yazılan: “Mənim ruhum! Bağdada olduğu zaman eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsirini unutma, tez-tez görüşə gəl!” məzmunlu məktubu da Atabəyə göndərib məktubun Qətibə tərəfindən Toğrula yazıldığını bildirmişdi. Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. O hər cür olursa olsun, özünü nüfuzlu bir adamı bağlayaraq paytaxtdan qaçmağı düşünürdü. Səba xanım bilirdi ki, Fəxrəddin onu müdafiə etdiyi təqdirdə, o, Azərbaycanda azad yaşaya bilərdi, onu nə Qətibə, nə də başqaları cəzalandıra bilməzdi. Səba xanım artıq Fəxrəddinin məhv edilməsi haqqında deyil, yaşaması barəsində düşünürdü. O, bu düşüncələrin təsirində olaraq başını qaldırıb Fəxrəddinin üzünə baxdı və utana-utana dedi: – Sözüm sözdür. Mənim sevgilim, sözlərindən bütün gənclik xatirələrim canlandı. Lakin səndən bir ricam vardır. Özünü Qətibədən gözlə. O səni məhv etmək istəyir. Çünki o, atasının öldürülməsi səbəbini səndə və Nizamidə görür. Hüsaməddin bu barədə Qətibədən böyük tapşırıq almışdır. Hüsaməddin səni də, Atabəyin oğlanlarını da, şair Nizamini də öldürməyi öz öhdəsinə götürmüşdür. Zənn edirəm ki, Nizamini öldürmək üçün iki gün bundan əvvəlki müşavirədə qərar çıxarıldı. – Hansı müşavirədə? Bu müşavirə harada çağırılmışdı? – Müşavirəni Qətibə xatun Müstərşidbillahın sarayında çağırmışdı. – Müşavirədə kim iştirak edirdi? – İştirak edənlər: Zəhir Bəlxi, şair Kəmaləddin və Sultan Toğrul idi. Orada səni və Nizamini qətl etdirmək qərarını çıxartdılar. Səni burada, Nizamini isə Gəncədə öldürəcəklər. – Nə vasitə ilə öldürəcəklərini bilmədinmi? – Toğrul tərəfindən Gəncəyə üç nəfər adam gedəcəkdir. Şairə Toğrulun məktubunu aparıb “Xosrov və Şirin” dastanını yazmasını rica edəcəklər. Onların göstərişi nəticəsində müəyyən adamlar Nizamini öz evində öldürəcəklər. – Gəncəyə məktub aparanların adını bilirsənmi? – Bilirəm. – Kimlərdir? –Toğrulun məktubunu aparanlardan birisi onun xüsusi katibi Əbülqədir, ikincisi xas qulamlardan Cəmad, üçüncüsü isə Mülhimdir. – Onlar yola düşdülərmi? – Xeyr, hələlik buradadırlar. Bəlkə sabah yola düşdülər. Toğrulun məktubunu düzəltmək Zəhir Bəlxi və Kəmaləddinə tapşırılmışdır. Müəyyən bir zaman özünüzü mühafizə edə bilsəydiniz, sonra Qətibənin intiqamlarından əmin ola bilərdiniz; çünki Qətibənin Atabəy yanında olan əvvəlki mövqeyi qalmamışdır. O sarsılmaq üzrədir. Qorxmayın, onun varlığını çeynəməyə başlamışam. Sən ki, mənim qüdrətimi bilirsən. Lakin bir hadisə baş verdiyi təqdirdə məni müdafiəyə söz verməlisən. – Əmin ola bilərsən. Azərbaycanda heç kəs sənin gözünü püfləyə bilməz. Lakin sən mənimlə sıx və səmimi əlaqədə olmalısan. O hiyləgər qadına aldanmamalısan. Onun gördüyü işlərin hamısı bizim və Vətənimizin zərərinədir. Çox danışdıqdan sonra Səba xanım məhzun bir surətdə Fəxrəddinin əlini sıxaraq: – Təəssüf ki, biz sabah səhər saat səkkizdə Bağdaddan gedirik; çünki Atabəy bir gün əvvəl Həmədandan Bağdada hərəkət etmişdir. – Zəhir Bəlxi və Toğrul da gedəcəkdirmi? – Burada ancaq Hüsaməddin qalacaqdır. Sən ondan ayıq ol. O, yalnız sənin başını Qətibəyə apardığı zaman onu bir qadın kimi mənimsəyəcəkdir. Fəxrəddin sui-qəsdi təcili qasidlə Gəncəyə xəbər vermək üçün Səba xanımdan ayrıldı və vidalaşarkən: – Əmin ol, səni Azərbaycana aparacağam, – dedi. Fəxrəddin məktubu yazmaq üçün Əmin qəsrinə qayıdıb otağın qapısını bağladı. Məktubu yazmağa başladı: “Möhtərəm və əziz dostum, böyük şairim! Bu gün beş gündür ki, Bağdaddayam. Mən indiki Bağdadı gördüyüm zaman iqbal dövründə burada nə qiyamətlər olduğunu təsəvvürümə gətirdim. Mən buradakı qəsrləri, sarayları və kaşanələri gördüyüm vaxt islam dünyasının yoxsul və dilənçi halında yaşamasının səbəbini öyrəndim və bizə din verən xəlifələr paytaxtında böyük bir dinsizlik hökm sürdüyünə inandım. Xəlifələr tək özləri üçün deyil, sevimli cariyələri üçün belə şahanə saraylar, qəsrlər tikdirmişlər. Sənə yazmaq üçün o qədər məsələlər vardır ki, burada oturub bir kitab yazmaq olar. Hələlik Atabəy Məhəmmədin özü Bağdada gəlməmişdir. Mələkəsi buradadır. Mələkə Zəhir Bəlxi, Kəmaləddin və Hüsaməddini başına yığıb bəzi sui-qəsdlər hazırlayır. Bu dəstə bədbəxt Toğrulu da əllərində alət edibdir. Mən sənin vəsiyyətlərini unudaraq yenə də alçaq Səba xanıma inandım. O məni Dilşadla görüşdürmək bəhanəsilə ölümə aparmağa gəlmişdi, lakin iqbal məni əxlaqsızın əlindən qurtardı. Nəticədə mən onu aldatdım. O, böyük bir sui-qəsdin mündəricəsini mənim əlimə tapşırdı. Məni öldürməyi Hüsaməddinə və Səba xanıma həvalə etmişlər imiş. Səni öldürməyi isə Toğrulun katibi Əbülqədirə, onun xas qulamı Cəmada və Mülhimə tapşırmışlar. Onlar sənə Toğrulun məktubunu gətirəcəklər. Məktubda, Toğrul səndən “Xosrov və Şirin” dastanını yazmağı xahiş edəcəkdir. Onlar səni öldürmək üçün başqalarını da gətirəcəklər. Rica edirəm, saymazlıq etmə. Əlaəddin üçün də məktub göndərdim. Bağdad, Fəxrəddin”. * * * Xəlifənin qızları Bu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi. Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı. Yaşıl atlas don geyinmiş və alınlarına yaşıl ipək çalma çalmış gözəl qızlar tovuz quşu kimi çiçəkli xiyabanları gəzir və qəhqəhə ilə gülürdülər. Gəncədən qırx bir qızla bərabər Əmir İnanc tərəfindən xəlifəyə hədiyyə göndərilən Süsən də xəlifənin qızları ilə bərabər Dürrətülbağdadın ziyafətinə gəlmişdi. Ona vaxt ikən, Fəxrəddin ziyafətə gəldiyi zaman tanış olduğunu bildirməməsi tapşırılmışdı. Çünki xəlifənin qızları Fəxrəddinin Dilşadı aramaq üçün gəldiyini bilməməli idilər. Xəlifənin qızı Aliyeyi Ülya Dürrətülbağdada müraciət edərək: – Müəllimə bizi öz qaynı ilə tanış etmək istəmirmi? – dedikdə, Dürrətülbağdad qızların qolundan tutub balkona çıxardı. Fəxrəddin müəllimlər və musiqi xadimləri ilə şirin söhbət edir və Bağdad xalqının adət və ənənələri haqqında məlumat yığırdı. Fəxrəddin yaşıl ipək paltar geymiş qızları gördüyü zaman, xəlifə qızları olduğunu yəqin etdi. Çünki rəsmi ziyafətlərdə əbbasilərin erkəkləri qara, qadınları isə yaşıl paltar geyməyi adət etmişdilər. Dürrətülbağdad Fəxrəddinin qolundan tutaraq qızlara: – Möhtərəm qaynım Fəxrəddinlə tanış olun, – dedi. Xəlifənin qızı Aliyeyi Ülya Fəxrəddinlə tanış olandan sonra Dürrətülbağdada tərəf döndü: – Qaynım gəlib deməsəydin, mən ağanı görən kimi, rəhmətlik Sədrəddinin gəldiyini zənn edəcəkdim. Dürrətülbağdad da cavabında: – Mən özüm də möhtərəm qaynımı gördüyüm zaman elə zənn etdim. Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm, hətta qaynanam da sağ imiş, – dedi və xəlifənin qızlarının qolundan tutaraq əlavə etdi: – İndi də gəlin sizə qaynımın mənim üçün gətirdiyi hədiyyələri nişan verim. O, qonaqları və xəlifənin qızlarını hədiyyələr qoyulan otağa gətirdi. Xəlifənin qızı Aliyeyi Ülya otağa girən kimi geri qayıdıb ev sahibinə dedi: – Qoy qoca namazı qılıb qurtarsın, rahatsız etmə! Qadın gülümsəyərək cavab verdi: – Otaqda namaz qılan yoxdur, gördüyün xəlifə Müttəqibillahın xalçada toxunmuş şəklidir. Bu sözdən sonra qonaqların hamısı təəccüb etdi. İçəri girmək üçün tələsirdilər. Bir anda hamısı xalçanın ətrafına yığılmışdı. Xalçaya baxanların hərəsi ona bir cür qiymət qoyurdu. Nəhayət, Dürrətülbağdadın özü xalçanın qiymətini təyin edərək dedi: – Xalçanın əsas qiyməti orasındadır ki, onu mənə qaynım almışdır. Bu son qiyməti qonaqların hamısı təsdiq etdi. Xalça olan otaqdan çıxaraq böyük çini güldan qoyulan otağa girdilər. Qonaqlar bir ağızdan: – Keçmişdəki Bağdad qəsrlərinin iç üzünü ancaq bu əntiqə tarixi güldanın üzərindən oxumaq kifayətdir, – dedilər. Sonra Dürrətülbağdad qadınları başqa bir otağa gətirib Çində, Əbubəkr xəlifənin qadını Ümmi-Rəman üçün toxunmuş və Çin mələkəsi tərəfindən hədiyyəyə göndərilmiş xələti göstərdi və sonra onu əyninə geydi. Xəlifənin qızı zəngin xələtin döşlərindəki yazını oxuyandan sonra Dürrətülbağdadın üzündən öpərək: – Hazırda mənim müəlliməm islam dünyasının ən zəngin bir qadınıdır. Xalça və güldan nə qədər nəfis, nə qədər qiymətlidirsə, öz yerində, lakin Çin xələtinin İslam tarixi üçün müqəddəs bir irs olaraq böyük və əhatəedilməz bir qiyməti vardır. Qonaqların hamısı qiymətli şeylərin ətrafında məşğul idi. Onların hər birisi güldan haqqında öz fikrini deyirdi. Fəxrəddin hamıdan arxada durub qonaqların sözlərini eşidirdi. Buna görə Süsən Fəxrəddinə yanaşıb yavaşdan soruşdu: – Bizi Bağdadın bəzəkli qəfəslərindən qurtara biləcəksənmi? Bilmirəm, Dilşadı görə biləcəksənmi? Çünki onun yanına getmək çox çətindir. Onun işi gecə-gündüz ağlamaqdır. Fəxrəddin yavaşdan dedi: – Süsən, əmin ol! Sizi buradan aparmamış Azərbaycana qayıtmayacağam. Ehtiyatlı ol, mənim məqsədimi heç bir kəsə bildirmə. Aliyeyi Ülya hədiyyələrə çox diqqətlə baxdıqdan sonra bir daha Fəxrəddinin yanına gəlib Dürrətülbağdada göstərdiyi mehribanlıq səbəbinə razılıq etdi və hədiyyələri tərifləndi. Xəlifənin qızlarının nəzəri ancaq Fəxrəddinin üzündə idi. Fəxrəddin ərəbcə təmiz danışa bilmədiyi üçün mütərcim vasitəsilə danışmaq məcburiyyətində idi. Lakin xəlifənin kiçik qızı Mütərra xanım, Fəxrəddinlə farsca çox azad danışmağa başladı və: – Dürrəni aparmaq üçünmü gəldiniz? – dedikdə, Fəxrəddin də: – Orası xanımın öz marağından asılıdır, – dedi. Xanım isə: – Mənim məqsədim qayınlarımı və qaynanamı Bağdada gətirməkdir. Hərgah buna müvəffəq ola bilməsəm, özüm onların ziyarətinə gedəcəyəm, – dedi. Musiqiçilər və xanəndələr oxuyub-çalmağa başladılar, hamı balkona qayıtdı. Süfrədə qızardılmış quşlar, balıqlar, düyüdən hazırlanmış cürbəcür yeməklər, Bağdadda məxsus dadlılar, halvalar və sairləri var idi. Buzlu şərbət, iskəncəbi qonaqların sevimli içkiləri idi. Xəlifənin qızları Aliyeyi Ülya və Mütərra xanımlar Dürrətülbağdada yalvarıb deyirdilər: – Rica edirik, möhtərəm ağamızı bərabər götürüb Xüld qəsrinə gətirin. Hamıdan sonra Mütərra xanım Fəxrəddinə yanaşıb soruşdu: – İndi deyin görüm, təzə xəlifənin cülusu münasibətilə təşkil edilən kuy və çövkan rəsmində iştirak edəcəksinizmi? Fəxrəddin: – Mənim bu işlə o qədər də tanışlığım yoxdur. Kim bilir, bəlkə də iştirak etdim, – dedikdə, qız da cavabında: – Sizin mərhum qardaşınız kuy və çövkan oyununda qalib gəldiyi üçün Dürrətülbağdad onu sevmişdi. Dürrətülbağdad qəhrəmanları sevdiyi üçün qardaşınıza ərə getdi. Xəlifənin qızı bu sözləri dedikdən sonra gözlərini yerə dikib utana-uatana əlavə etdi: – Bilmirəm siz də qalib gələ biləcəksinizmi? Çünki mən də qəhrəmanları sevirəm. – Eybi nədir... Hərgah xəlifə icazə verərsə, mən də öz yerimizin qaydasınca bir neçə top və çövkan ataram. Xəlifənin böyük qızı Aliyeyi Ülya söhbətə müdaxilə edərək dedi: – Lakin ehtiyatlı olmalısınız. Türküstanlılar kuy və çövkan işində hər yerin xalqından sənətkardırlar. Bu işdə Türküstan atlarının da əhəmiyyəti vardır. Dürrətülbağdad sözə müdaxilə edərək: – Rəhmətlik Sədrəddin öz gətirdiyi atı ilə iki il tamam kuy və çövkan meydanını ələ ala bildi. Nədənsə rəhmətlik bədbəxt olduqdan sonra, at da xəstələnib öldü. Fəxrəddin cavabında dedi: – Haman atın nəslindən daha igid bir at özümlə bərabər gətirmişəm. Çalıb-oxuyanlara çox az vaxt verilirdi. Hər kəs bu gün Dürrətülbağdadın oxuyacağına inanırdı; çünki o öz qaynı Fəxrəddinin şərəfinə verilən bu ziyafətə olduqca əhəmiyyət verirdi. Dürrə öz çalan cariyələrini çağırıb oxumağa başladı. Süsən isə fürsəti əldə edib Fəxrəddinin yanında oturdu. Fəxrəddin ona yavaşdan deyirdi: – Sabah, yainki o birisi gün Dilşadın yaşadığı yerə səyahət üçün gedəcəyəm. Nəticəni Dürrətülbağdadın vasitəsi ilə sənə xəbər verərəm. Mənə deyiləsi hər nə sözün olsa, ona deyə bilərsən. Lakin heç bir kəsə hiss etdirmədən hazırlanmalısan. Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm. Süsən bu sözləri eşidəndən sonra bir ah çəkərək: – Əmir İnanc orada bizə dinc həyat verəcəkdirmi? – dedikdə, Fəxrəddin: – Əmir İnancı da, onun vəziri Toxtamışı da dara çəkdik. Qızların, kənizlərin zindanı olan sarayın da daşını daş üstə qoymadıq. * * * Qadınlar və qızlar dünyası Səhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi. Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı. Qonaqlar geniş və əlvan güllər əkilmiş həyətin axırına qədər gedəndən sonra qəsrin böyründəki böyük bir qapıdan içəri girdilər. Bura qul və kənizlərin ümumi göstəriş yeri idi. Bura geniş, dəyirmi və üstüörtülü bir meydança şəklində idi. Dəyirmi binanın hər tərəfi kiçik otaqlardan ibarət idi ki, bunların sayıhesabı yox idi. Fənhas müəssisəsinin müdiri səyahətçilərə bu meydança və ətrafındakı otaqlar haqqında məlumat verərək deyirdi: – Buranı Rəşid xəlifənin vaxtında rəhmətlik Fənhas tikdirmişdir. Buranın adına o zamanlar “Qadınlar və qızlar dünyası” deyirlərmiş. Ən adi zamanlarda burada iyirmi minə qədər kənizlər, cariyələr və qulamlar bəslənir və satış üçün tərbiyə olunurmuş. Hazırda isə yeddisəkkiz mindən artıq kəniz, qul və cariyəsi yoxdur. İndi buyurub otaqları və cariyələri tamaşa edə bilərsiniz, – dedi və səyahətçilərin qarşısına düşdü. Meydançanın ətrafında cariyələrə, kənizlərə və uşaq ikən pul ilə alınan qullara tərbiyə vermək və ixtisas öyrətmək üçün müəssisədən maaş alan üç yüzə qədər müxtəlif ixtisas sahibi düzülüb səyahətçiləri salamlayırdı. Meydançanı gedib başa çıxandan sonra birinci hücrəyə daxil oldular. Burada bir dəstə ağ irqdən qız var idi, yaşları çox az idi. Ən çox yaşda olanları on yaşdan artıq olmazdı. Bu qızlar təqribən tamamilə çılpaq idi. Onların önlərinə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi. Onların səyahətçilərdən qorxması, dəhşət və həyəcan göstərməsi səhra xalqlarından olduqlarını göstərirdi. Qıvrım saçlarının bir-birinə qarışması saçlarının daraq görmədiklərini bildirirdi. Lakin bu qızların çöhrələrində təbii bir gözəllik oxunurdu. Üzlərinin ağ və qırmızılığı, tər və təzəliyi bu bədbəxt gənclərin tamamilə sağlam olduqlarını göstərirdi. Gözlərinin görünüşü isə müxtəlif idi; bəzisi qara müşk rəngində, bəzisi mavi, bəzisi də alagözlü idi. Saçlarının rəngi də gözlərinin rəngi ilə həmahəng idi. Qapı açılarkən, onlar səyahətçiləri gördülər. Vəhşi ahular ovçunu görən kimi hürküşməyə başladılar. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. Onlar qaçmaq üçün yer axtarırdılar. Nəhayət, səyahətçilərin gözlərinə görünməmək üçün biri digərinin arxasında gizlənməyə çalışırdı. Bəziləri isə üzlərinə baxılarkən, gözlərini qapayırdılar. Fəxrəddin bu mənzərəni görərkən təəccüb etdi. Müəssisə müdirinin üzünə dərin bir diqqətlə baxdı. Müdir dərhal o baxışın mənasını anladı və dedi: – Mənim ağam, bu vəhşiləri görürkən təəccüb etməyin. Sizin xəlifə saraylarında təsadüf etdiyiniz qəşəng kənizlər, oxuyan qızlar və xəlifənin diqqətini cəlb edən nadir və gözəl cariyələr, gözəl səslərilə Bağdad dünyasını silkələtdirənlərin hamısı əvvəlcə bu hücrədə gördüyünüz vəhşilər kimi idi. Onların hamısı əvvəlcə bu hücrəyə girməyə məcbur idilər. Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim ki, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. Siz bu mənzərəni nəzərə aldığınız zaman, kənizlərin və bütün Şərqdə şöhrət qazanan gözəllərin ibtidai həyatını öyrənə bilərsiniz. Bunların içərisindən elə qabiliyyətli və gözəl kənizlər çıxa biləcəkdir ki, Bağdad bazarında on min dirhəm qızıl qiymətinə satılacaqdır. Həmin bu cür vəhşilərin içərisindən vaxtilə mərhum Fənhas Fəridə kimi dünya gözəlini hazırlayıb Bağdad saraylarına buraxmışdı. Fəridənin özü də əvvəlcə bunlar kimi vəhşi idi. Sizin fikrinizcə, vaxtilə bütün Bağdadın ruhunu yığıb öz əlində saxlayan Dürrətülbağdad anasından o şəkildəmi, o qabiliyyətdəmi doğulmuşdu? Dürrətülbağdadın özü də əvvəlcə həmin vəhşilər kimi olmuş və bu hücrədə yaşamışdır. Fəxrəddin müəssisə müdirinə sual verdi: – Bunları nə vasitə ilə ələ gətirirsiniz? – Qul və kəniz alverçiləri Türküstanı, Rumu və sair vilayətləri dolanır, çox əziyyətlər çəkir, hətta bəzən ölümlə də üz-üzə durur, nəhayət, bunları ələ gətirirlər. – Bunları nə vasitə ilə ailələrindən alırlar? – Bəzilərini müharibə zamanı əsir götürüb satırlar, bəzilərini ata-analarından az bir para müqabilinə alırlar. Vergi hesabına alınanlar da vardır. Fəxrəddin nifrətedici bir halda sual verdi: – Məgər bunları ata-analarından ayırmağı günah bilmirsinizmi? Bunları uşaq ikən qürbət vilayətlərə sürməkdən utanmırlarmı? Müəssisə müdiri bu suala gülə-gülə cavab verdi: – Mənim ağam, nə üçün də utansınlar. Bir halda ki, bunlar üçün səadətli və rahat gələcək düzəltməyə çalışırlar, nə üçün də utanmaq!.. Çünki bu bədbəxtləri zillət və əziyyətin və vəhşiliyin əlindən alıb şəhərə gətirirlər, mədəni insanlar arasına girməyə hazırlayırlar. Onlar burada rahatlığa və asayişə çatırlar, adam olurlar. Bəzən onların nail olduğu rahət və səadətə Bağdadın şahzadələri və əyanları belə nail ola bilmirlər. Hərgah onların gözəllikləri ilə bərabər səsləri də olursa, səadətin ən uca dərəcəsinə çata bilirlər. Belələri ancaq əlli nəfərdən birisi ola bilər. Musiqi ixtiraçısı, şairlər və başqaları da bu vəhşi hesab etdiklərinizin cərgələrindən çıxır. Burada qızların ixtisas qabiliyyətləri yoxlanır, layiq olduqları ixtisaslara təhkim olunurlar. İndi bunların arasında hazırladığımız hər cür kənizləri görəcəksiniz. Müdirin bu sözlərindən sonra Fəxrəddin dərin düşüncələrə dalaraq öz-özünə: “Xudavənda, biz gör necə bir əsrdə yaşayırıq ki, bədbəxt insanlar səadət dünyasına əsirliyin içərisində əzilə-əzilə aparılır” – deyirdi. Müəssisə müdiri səyahətçiləri başqa bir hücrəyə getirib qapını açdı. Orada qara rəngli, qıvrım tüklü və dodaqları sevirik uşaqlar var idi. Bunlar zəncilərdən və afrikalılardan ibarət idi. Bunlar əvvəlinci hücrədəki uşaqlardan daha vəhşi idilər. Müdir səyahətçilərin buradan da tez çıxmaq istədiklərini dərhal hiss etdi və dedi: – Bunları qul alanlar çox müxtəsər bir qiymətə alırlar, yaxud da biyabanlardan özləri ovlayıb gətirirlər. Biz bunları alıb alçaq işlərə öyrədərik. Çöl işləri, həyətçilik, mehtərlik, tövləçilik və ağ kənizlərə xidmət eləmək kimi xidmətləri öyrədib sonra satarıq. Müdir səyahətçiləri üçüncü otağa getirdi. – Bu otaqdakılar bərbərilərdir. Bu qızları qul və kəniz alanlar Afrikadan alıb Bağdada gətirirlər. Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar. Başqa bir otaqda Kiçik Asiyadan gətirilən qızlar toplanmış idi. Bunları görmək Fəxrəddinin xoşuna gəlmədiyindən tez çıxıb başqa otağın qapısında dayandı. Müdir onları ümumi bir otağa gətirərək dedi: – Bunlar bəzəkçilik, lələlik, aşpazlıq, dərzilik öyrənmiş qızlardır. Bağdad xalqının bir çoxu buradakı qızlardan alıb özləri üçün qadınlığa qəbul edirlər. Olduqca tərbiyəli və namusları düzgün qızlardır. Başqa bir otağa girdilər. Müdir izahat verərək dedi: – Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. Bunlar ölüləri güldürməyə qadirdirlər. Bağdad kübarlarının hərəmxanalarında mütləq məzhəkəçi qızlardan olmalıdır. Bunların qiymətləri də böyükdür. Fəxrəddin onların üzündə məzhəkəçiliyə və nədimliyə dair baxışlar oxuyurdu. Asəf səyahətçilərin yorulduğunu hiss edərək: – Cavan və gözəl kənizlər olan otaqları göstərin, – dedi. Buna görə də müdir bir neçə otaq keçdikdən sonra bir otağın qapısını açdırıb: – Buyurun, – dedi. Səyahətçilər içəri girdilər. Bu otaqdakılar on beş yaşından iyirmi yaşına qədər olan yetişmiş qızlar idi. Lakin onlar əvvəlki otaqda olanlar kimi qorxmurdular. Özlərini şən və məsrur göstərməyə çalışırdılar. Onlar boyunlarında qiymətli boyunbağıları, qulaqlarında zümrüd sırğalar daşıyır və səyahətçilərin diqqət-nəzərini cəlb edirdilər. Fəxrəddin nə qədər göz gəzdirdisə də Dilşadı orada görmədi. Otaqdan çıxmağa tələsirdi. Qızların səyahətçilərdən utanıb qızarması da gözəlliklərinə başqa bir gözəllik əlavə edirdi. Fəxrəddinin nəzərini gözəl və şux bir qız cəlb etdi. Bu qızın fitnəli və əsrarəngiz gözləri var idi. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi. Fəxrəddin qızı farsca çağırdı, lakin qız cavab vermədi, utandığından qolunu üzünə hayil etdi, müdir isə izahat verib dedi: – Bu qızlar satılmaq üçün deyil, xəlifə üçün göndərilən qızlardır ki, burada tərbiyə veririk. Haman siz səslədiyiniz qız nə ərəb, nə də fars dillərini bilir, yavaş-yavaş öyrədirik, çünki qız azərbaycanlıdır. Fəxrəddin daha danışmadı, qəlbində məqsədinə yaxınlaşdığını kəsdirib durdu. Müdir ziyarətçilərə tərəf dönərək: – İndi sizə elə gözəllər göstərəcəyəm ki, əvvəl gördüklərinizi tamamilə unudacaqsınız, – deyə qapını açıb səyahətçiləri içəri buraxdı və: – Bu kənizlər Bəsrə, Kufə və Şamdan gətirilən kənizlərdir. Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar və mərğub gözləri vardır. Fəxrəddin, önündə cənnət qapısı açıldığını hiss etdi. Qızlardan bəziləri qısa qamətli, bəziləri arıq, bəziləri kök idi. Lakin hamısı öz yerində gözəl və sevimli idi. Qızlar Şam və Bağdadın ən nəfis ipəklərindən paltar geymişdilər. Sonra müdir səyahətçilərə tərifləyə-tərifləyə dedi: – Sizə elə gözəl və kök bir kəniz göstərəcəyəm ki, başından böyük bir kuzə su töksən bədəninin bir tərəfini islatmaz. Bu qız gözəllik tarixində məşhur olan Təlhənin qızı Aişəni həm köklükdə, həm də gözəllikdə keçmişdir. Müdir səyahətçiləri Bumi kənizlərin otağına getirdi. – Görünür ki, ağaları yordum, indi bir az dincinizi almaq üçün şeir oxuyan və musiqi çalan kənizlər olan otağa buyurun, – dedi və zəngin xalılarla döşənmiş böyük bir otağın qapısını açdırdı. Otaqda ətraflarda yumşaq balışlardan ibarət bağlamalar qoyulub, bağlamaların qarşısında məxmər örtülü yumşaq döşəklərin üstündə, tükləri müşkdən daha qara olan ən gözəl qızlar oturmuşdu. Qızlar alınlarına zərlə tikilmiş yaşıl və saçaqlı dəsmallar bağlamış, dəsmalların saçaqlarından qırmızı yaxut dənələri asılmışdı. Onlar saçlarına zinət verməklə bərabər, özlərini Şərqin ən qiymətli ətirlərilə ətirləmişdilər. Bu qızların içərisində ən gözəli qaragözlü bir qız idi. O, üzünü çevirəndə buxağının altı günəş kimi işıqlanırdı. Qızın o tərəf bu tərəfində iki başqa qız da oturmuşdu. Bunların hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. Müdir aralıqda oturan qızı səslədi: – Qalx, xəlifənin qonaqlarına salam ver, – deyincə, qız qalxdı, lakin kök olduğu üçün çox çətinliklə ayağa qalxdı. Ayağa qalxdığı zaman yaşıl ipək donunun ətəkləri ayağına dolaşırdı. Müdir Fəxrəddinə müraciət edib dedi: – Qurban olum, bu qızı danışdırın, çox xoşləhcə qızdır. Fəxrəddin ona rəsm-təarif göstərincə, qız da ona səfa gəldin etdi. Fəxrəddin qızın haralı olduğunu soruşduqda, müdir: – Bəsrədə böyümüşdür, lakin əslən gürcüstanlıdır. Bunu uşaq ikən almışıq. Əvvəlcə haman hücrədə gördüyünüz uşaqlar kimi idi, lakin huşyar, qabiliyyətli qız olduğunu gördüyümüz üçün Bəsrəyə göndərdik. Orada Quran, ədəbiyyat və şeir öyrəndi, sonra onu mənim yanıma gətirdilər. Səsinin xoşluğundan və ləhcəsinin şirinliyindən heyrətləndik. Hazırda bunun musiqi elmindəki məharəti bütün Bağdad oxuyanlarının arasında məşhurdur. Fəxrəddin müdirə bir daha sual verdi: – Onun özünün dediyi şerlərindən hazırda vardırmı? – Vardır. Alnına çaldığı ipəyin üstünə zərlə tikdiyi öz şerləridir. Qızın alnına baxdıqda ipək çalmanın üstündə ərəbcə bu şerləri gördülər: Leysə hüsnülxəzab, zina ləkfi, Hüsni kəfa zina likülli xəzab Fəxrəddin bu şeirdən həddən artıq xoşlandı və müdirə dedi: – Afərin olsun bu çalmanı ixtira edən və bu şeri yazan qıza! Müdir dedi ki: – Çalma qızın öz ixtirası deyil. Bunu Rəşid xəlifənin bacısı Aliyə xanım ixtira etmişdir. Zinət dünyada ancaq qadınlara minnətdardır. Qızlar bu zaman divarın dibinə çəkilib öz gözəlliklərini aynada yoxlayırdılar. Müdir qızları tərif edib dedi: – Vaxtilə Əmirəlmöminin Rəşid xəlifə bu cür qızların birisini yüz min dinara alırdı. Müdir otaqlarının bir çoxunun haqqında qapını açmadan məlumat verib keçirdi. Fəxrəddin isə bunların heç birisinə əhəmiyyət vermirdi. O ancaq Dilşadı axtarırdı. Nəhayət, müdir yenə sözə başlayıb dedi: – Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görülməyən bir gözəl qədəm qoyacaqdır. O qız, Möhtəddinin tərbiyə üçün bura göndərdiyi Dilşad adlı bir qızdır. Fəxrəddin Dilşada rast gəlmək istəmədi, çünki o, Dilşadın özünü ələ ala bilməyəcəyini və ağlamaqla sirləri açacağını yəqin edirdi. Buna görə də Dilşadla görüşməkdən vaz keçdi. Müəssisə müdiri gözəl bir bağçalıqda səyahətçilər üçün yemək və şərbət hazırlamışdı, çünki naharın vaxtı keçirdi, Əmin qəsrinə qayıtmaq isə çox uzun çəkəcəkdi. Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən olduqca məmnun qaldılar, çünki onlar vaxtlarını gözəl kənizlər, oxuyanlar və çalanlar ilə keçirdilər. * * * Cülus günü Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı. Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu. Xəlifə, ətrafında hökmdarlar, balkona daxil oldu. Balkondakı beş min nəfərin başı birdən əyildi. Hökmdarlar xəlifəni taxtın qarşısına qədər müşayiət etdilər. Onun bir qolundan Atabəy Məhəmməd, o biri qolundan Səlahəddin Əyyubi yapışıb taxtın üstünə qaldırdılar. Xəlifə taxtın üstündə oturduğu zaman balkonu gözdən keçirdi. Xəlifə bayrağı altında olaraq Şərqi idarə edən iyirmi səkkiz hökmdarın əllərini döşlərinə qoyub hüzurunda durduqlarını gördü. Bir neçə dəqiqədən sonra xəlifə sağa və sola işarə verdi. Qonaqlar yerə oturdular. Sonra da xəlifə taxtın sağ və soluna işarə edərək – əyləşin, – deyən kimi, on dörd hökmdar taxtın sağında, on dörd hökmdar isə taxtın solunda qoyulmuş bəzəkli və qiymətli kürsülərin üzərində oturdu. Əvvəlcə əcnəbi məmləkətlərdən gələn hökmdar nümayəndələri xəlifənin cülus gününü təbrik etdilər. Xəlifə onların hər birisinə təktək cavab verib onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. Qısa bir xütbə oxunduqdan sonra, müsəlman olmayan nümayəndələr qalxıb özləri üçün hazırlanmış salona keçdilər. Çünki peyğəmbərin xəlifələrə buraxdığı müqəddəs miras məclisə gətiriləcəyindən müsəlman olmayanların məclisdə oturması yaramazdı. Bir az keçəndən sonra qabaqca Bağdad qazısı, onun dalınca da ruhanilər ziyafət məclisinə daxil oldular. Bütün qonaqlar, hökmdarlar, hətta xəlifənin özü də ayağa qalxdı. Cülus rəsmi başlandı. Bağdad qazısı əlindəki ağ ipək boğçanı taxtın qarşısında sərilmiş xalçanın üzərinə qoyub açdı. Qazı əvvəlcə peyğəmbərin əmmaməsini götürüb xəlifənin başına qoydu. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər. Qazı əlini boğçaya aparıb ən adi bir qılınc götürüb xəlifənin belinə bağladı və üzünü məclisə çevirib: – İnna fətəhna ləkə fəthən mübina, – dedi. Məclisdəkilər isə peyğəmbərə bir daha salavat göndərdilər. Qazı boğçadan peyğəmbərin əbasını da çıxarıb xəlifənin çiyninə saldı. Yenə də salavat səsləri ucaldı. Qazı boğçadan peyğəmbərin əbasını da çıxarıb xəlifənin çiyninə saldı. Yenə də salavat səsləri ucaldı. Qazı, Məhəmmədin əqiq üzüyünü götürüb xəlifənin barmağına taxdı və sonra kiçik bir qutunun içərisindən peyğəmbərin təsbehini götürüb öpdü və xəlifəyə verdi. Xəlifə əllərini göy tərəfinə qaldırıb dua oxudu və Allaha şükür etdi, sonra peyğəmbərə salavat göndərib xəlifəliyini qəbul edib müsəlman xalqını sülh və müsalimat içərisində yaşadacağına və islamın qanunları dairəsində iş görəcəyinə and içdi. Bu anda iyirmi səkkiz hökmdarın başı birdən xəlifənin önündə əyildi, onlar da xəlifənin göstərdiyi yol ilə rəftar edib, islam məmləkətlərini islam dini əmrləri əsasında idarə edəcəklərinə and içdilər. Xəlifə taxtından enib getmək istəyərkən, hökmdarlar da onu müşayiət edərək məclisdən getdilər. Qonaqlar oturdular. Hökmdarlar süfrədə iştirak etmək üçün balkona qayıtmadılar. Məclisdən birisi uca səslə “bismillah!” – deyən kimi yenə də beş min baş birdən süfrəyə əyildi. Yüzlərcə gözəl cariyə əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu, yemək-içmək sel-su kimi süfrənin üzərinə töküldü. Fəxrəddin ancaq bu mənzərəni görəndən sonra Azərbaycan xalqının nə səbəbə ac qaldığını təyin etdi. İyirmi səkkiz hökumətin ancaq bir nəfəri idarə etmək üçün qarət olunduğunu təyin elədi. Yedilər, içdilər, yenə də süfrə başından birisi “əlhəmdülillah!” – deyincə qonaqlar ağır nəfəs ala-ala başlarını süfrədən yuxarı qaldırdılar. Xonçalar götürüldü, yüzlərcə qız, əllərində qızıl aftaba-ləyənlər balkona daxil oldular. Təam duası oxundu. Əllər yuyuldu. Ondan da sonra təfrih salonuna keçdilər. Müsəlman olmayan qonaqlar da burada iştirak edirdilər. Salonun yuxarı hissəsində taxt və taxtın yanında səndəllər qoyulduğundan xəlifənin özünün də, hökmdarlarının da bu məclisdə iştirak edəcəyi bəlli idi. Xəlifə və hökmdarlar daxil oldular. Xəlifəni bu dəfə Xarəzm şahı ilə Hindistan elçisi taxta qaldırdı. Bir neçə saniyə keçəndən sonra salona indiyə qədər Fəxrəddinin görmədiyi iki gözəl qız daxil oldu. Qızların ikisi də bir-birinə oxşayırdı. Qızların qövsi qaşları və sehirli gözləri qaralırdı. Onlar əllərində dəvə quşunun qanadlarından ipəklə işlənmiş yelpik olaraq, xəlifənin taxtına tərəf irəliləyirdilər. Onlar taxtın dalısında qoyulan alçaq kürsülərin üstündə durub xəlifəyə yelpik çəkməyə başladılar. Qızlar hərdənbir əllərindəki ipək dəsmal ilə də xəlifənin üzünün tərini silirdilər. O çox tərləyirdi, şarab içdiyi çöhrəsindən bəlli idi. Salonda oturanların hamısı bu qızların gözəlliyinə heyran qalmışdı. Bu qızların hər ikisi xəlifənin məşuqələri idi. Bir azdan sonra məclisə bir dəstə gözəl qız daxil olub, elçilərin və hökmdarların başına yelpik çəkməyə və tərlərini silməyə başladılar. Fəxrəddin fikir dəryasına qərq olmuşdu. O, bu qədər şöhrətpərəst və kənizpərəst xəlifənin paytaxtından qızları nə cürə qurtara biləcəyi barəsində düşünürdü. Hər halda o, xəlifəyə bu təklifi etməkdən həm qorxur, həm də xəcalət çəkirdi. Xüsusən Atabəy Məhəmməd də burada olduğundan Fəxrəddin məsələni açmağa cəsarət etmirdi. Yüzlərcə zəfəran rəngində paltar geymiş oyunçu uşaq cürbəcür oyunlar çıxarıb xalqı güldürürdüsə də, bu oyunlar Fəxrəddini zərrə qədər məşğul etmirdi. Nəhayət, məzhəkə məclisi Fəxrəddinin fikirləri və kədərləri altında bitdi. Azərbaycan həyətinin üzvləri qalxıb getmək istədikdo, Atabəyin xüsusi pişxidməti gəlib Atabəyin nümayəndələri hüzura istədiyini xəbər verdi. Atabəy üçün xəlifənin qəsrində mənzil hazırlanmışdı. Atabəy heyət üzvlərini çox məhəbbətlə qəbul etdi. Xüsusən Fəxrəddinin əlini sıxıb dedi: – İndi ki, zəhmət çəkib Azərbaycandan Bağdada gəlmisiniz, burada bir yaxşı ad qoyub getməyiniz məsləhətdir. Sabah ad qazanmaq günüdür. Xəlifənin hüzurunda çövkan və top oyunu təşkil ediləcəkdir. Azərbaycanlılar da orada iştirak etməlidirlər. Heyət üzvlərinin hamısı gözünü döyürdü, lakin Fəxrəddin belə bir fürsəti çoxdan axtarırdı; o, ancaq bu vasitə ilə xəlifəyə yanaşa biləcəyinə ümid bəsləyirdi. Fəxrəddin Dürrətülbağdadın qonaqlığında xəlifə Müstərşidbillahın qızları Mütərra və Aliyə xanımlara çövkan oyununda iştirak edəcəyinə söz vermişdi. Buna görə də Atabəy Məhəmmədə təzim edərək: – Hərgah Atabəy həzrətləri icazə verərsə, mən iştirak edərəm, – dedi. Atabəy Məhəmməd Fəxrəddinin bu sözündən şadlandı və: – Elə isə mən sənin adını yazdıraram. Amma bilmirəm tanış olmayan bir atla oyuna çıxa biləcəksənmi? – dedikdə, Fəxrəddin: – Özümlə bərabər gözəl Qarabağ atları gətirmişik, mən öz atımla iştirak edərəm, – dedi. Atabəyə baş endirib otaqdan çıxmaq istəyəndə Atabəy ondan soruşdu: – At, Kür qırağında gördüyüm atdırmı? – Bəli, haman atdır. – Lakin onu da bilməlisən ki, təzə xəlifə at maraqlısıdır. Atın xoşuna gəlsə, onu səndən ala da bilər. * * * Top və çövkan Meydan Bağdadın xalqına kifayət edəcək qədər böyük idi. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi. Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. Hökmdarlar üçün, xəlifə üçün uca bir yerdə hazırlanmış taxtın ətrafında müəyyən kürsülər qoyulmuşdu. Meydanın ətrafına çəkilən ipi müdafiə etmək və meydana adam buraxmamaq üçün xəlifənin xüsusi alayları qılınc əllərində durmuşdular. Meydanın bir tərəfində oyunda iştirak edənlər atları yedəklərində durmuşdu. Fəxrəddin bunların içərisində idi. Hər kəs xəlifənin gəlməsini gözləyirdi. Xəlifə meydanın bir tərəfində qurulumuş yaşıl atlas çadırdan hökmdarlar ilə bərabər çıxıb, hazırlanmış taxta yanaşdı, hökmdarlar da öz yerlərində qərar tutdular. Nəhayət, xəlifənin işarəsi ilə böyük meydanın dörd tərəfində şeypur səsləri eşidildi. Bu səslər oyunun başlanması üçün xəlifə tərəfindən icazə verildiyini elan edincə, iki yüz nəfərdən ibarət qəhrəman atın belinə atıldı. Əvvəlcə xəlifənin xasə alayının sərkərdəsi Übeydət ibn Həmra ildırım kimi birdən-birə meydana şığıdı. O, əynində dar və qısa bir paltar geymişdi. Onun libası yaşıl olduğundan oyunun xəlifə tərəfindən açılmasına işarə idi. Übeydətin mindiyi ərəb atının dırnaqlarını görmək mümkün deyildi. Übeydət böyük meydanı bir anda dolandı, sonra meydanın ortasına şığıyaraq topu göyə atdı və çövkanla bir neçə dəfə vurub havada fırladınca İrandan gələn heyətin nümayəndələrindən Divbənd meydana at saldı və bir çövkanla topu Übeydətin əlindən qapıb çövkanın burnunda fırlatmağa başladı. Bu zaman topa sahiblənmək üçün iştirakçıların hamısı meydana at saldı. Havada görünən çövkanlar oyun meydanında birdən-birə meşələr göyərdiyini xatırladırdı. Bir anda bu meşə görünməz oldu, yüzlərcə at dırnaqlarından qalxan toz təbəqələrinin altında müsabiqə gedirdi. Topu bir-birinin əlindən qapmaq üçün yüzlərcə pəhləvan meydanda qiyamət qoparmışdı. Qara paltar geymiş bir ərəb atlısı topu mənimsəyərək bütün atlılara meydan oxumağa başladı. Topu onun əlindən alan olmadı. Hansı atlı, hansı bir tərəfə dönərsə dönsün yenə də artıq bir ata minmiş qara paltarlı ərəbi özündən irəlidə görürdü. Havada oynamaqda olan topu mənimsəmək istəyən yüzlərcə at ağzını açaraq sağa, sola, cənuba və şimala qaçırdısa da, ərəb topu çövkanın ucunda fırladır və bir kəsə buraxmırdı. Fəxrəddin kənardan durub baxırdı; yerindən hərəkət etməmişdi. Onun bir yerdə taxılıb durması Atabəy Məhəmmədi həddindən artıq əsəbiləşdirirdi. Onun fikrinə görə, Fəxrəddin bu qədər böyük və dəhşətli həngaməni birinci dəfə gördüyü üçün qorxmuşdu. Buna görə də oyunda iştirak etməyə cəsarət etmirdi. Nəhayət, çox vuruşmadan sonra bir nəfər İran atlısı topu ərəbin əlindən alıb göydə fırlatmağa və hər tərəfə meydan oxumağa başladı. Ərəb yorulmuşdu, çəkilib bir tərəfdə dayanıb baxırdı. Meydan on dəqiqəyə qədər iranlı qəhrəmanın əlində qaldı. Xüsusən onun atının cəsarət və tərbiyəsi oyunda iştirak edənlərin hamısını heyrətdə qoymuşdu. Atların vəziyyəti dəhşətli bir şəkil almışdı, onlar nə rəngdə olursa olsun, ağ kifə bürünmüşdülər. Bir neçə dəfə top və çövkan oyunlarında iştirak edən atların gözləri də göydəki topu güdür və top oynayan tərəfə sıçrayırdılar. Tez-tez at dəyişənlər var idi. Hər qəhrəmanın qulu meydanın arxasında ağası üçün ehtiyat atlar saxlamışdı, lakin iranlı qəhrəmanın atı yorulmaq bilmirdi. Sahibi çövkanla burnuna vurduğu zaman əjdaha kimi ağzını açıb məqsədə doğru şığıyırdı. Xəlifə iranlının mindiyi atın cəsarətini gördükdə qəlbində: “Bu at xəlifəyə layiqdir”, – deyirdi. Qələbənin möhürü iranlı pəhləvanın alnına basılmaq ərəfəsində ikən, bir nəfər arıq hindistanlı atını məhmizləyib irəli soxuldu, bir anda topu iranlı qəhrəmanın əlindən aldı və bir anda da topu çövkanın ucuna alaraq xəlifənin oturduğu kürsünün qabağına qədər gətirdi. Meydandan “əhsən, əhsən” səsləri eşidilməyə başlandı. Topun altında ancaq hindistanlının atını görmək olurdu. Top havada hansı tərəfə uçursa uçsun, yenə də onun çövkanının ucunu öpməyə məcbur idi. Atabəy Məhəmməd vəziyyəti belə görürkən qəlbində Fəxrəddinə acıqlanıb deyirdi: “Qorxaqlar, acizlər, ancaq öz evlərində üsyan etməyi öyrənmişlər. Belə bir gündə özlərini nişan verib ad qazanmağı bacarmadılar. Bu qədər təhqir və rüsvayçılıq olarmı? Xəlifənin cülus rəsmində Cahan pəhləvan Atabəy Məhəmmədin idarə etdiyi ölkədən bir nəfər də olsa özünü göstərə bilmədi”. Fəxrəddin də öz-özünə deyirdi: “Nə qədər ki, turanlılar oyunda iştirak etməmişdir, mən yerimdən hərəkət etməyəcəyəm. Mən xəlifənin qızı Aliyeyi Ülya xanıma göstərəcəyəm ki, dünyada Turan sözü yalandır. Türk xalqının namınə bir məmləkət varsa, o da – Azərbaycandır. Gərək xəlifənin qızı Mütərra xanım bilsin ki, turanlılar gəlib çövkan və top oyununu məndən öyrənməlidir”. Turanlılar da belə düşünürdülər. Onlar da deyirdilər ki, oyun turanlıların qələbəsi ilə qurtarmalıdır. Onlar da bunun üçün oyunun axınında işə başlamağı qərara almışlar. Hindistan qəhrəmanı xarəzmliləri, sistanları, Xorasan və Bəlxdən gələnləri tamamilə yorub aralıqdan çıxartdı. Turanlılar yerlərindən sel kimi hərəkət etdilər. Onlar bir anda meydanı hindistanlıların əlindən aldılar. Hər tərəfdən: – mərhəba turanlılar! Əhsən turanlılar! Afərin turanlılar! – səsi meydanı ağzına aldı. Atabəy Məhəmməd isə Fəxrəddinin iştirak edəcəyindən tamamilə ümidini kəsmişdi. Xüsusən azərbaycanlıların oyunda iştirak etməməsi xəlifənin qəlbində də şübhə oyandıra bilərdi. Atabəy Məhəmməd bunun üçün də rahatsız olur və oturduğu yerində ilan kimi qıvrılırdı. Bütün meydan sanki onun başına dolanırdı. Fəxrəddinin qardaşı qadını Dürrətülbağdad da xəlifənin qızları ilə bərabər öz qaynının qələbəsini gözləyirdi. O, Fəxrəddinin iştirak etmədiyini görüncə utandığından xəlifənin qızlarının üzünə baxa bilmirdi, çünki neçə gündən bəri: “Azərbaycanlıların cəsarət və qəhrəmanlığı bütün Şərqdə məşhurdur. Onların Atabəylərinə əbəs yerə “Cahan pəhləvan” ləqəbi verilməmişdir, – deyə xəlifənin qızlarına tərif etmişdi. Lakin Fəxrəddinin heykəl kimi quruyub durmasını görüncə, o xəcalətindən hönkür-hönkür ağlayırdı. Turanlılar meydanın tozunu göyə çıxarmışdı. Top qalın toz təbəqələrinin üzərində fırlanırdı. Bu qədər yüksək bir qələbəni görüncə yenə də “əhsən turanlılar!” səsi ucaldı. Atabəy Məhəmməd isə yavaşdan: – Hökmdar olsan da aciz, bacarıqsız bir xalqın yox, qəhrəman bir xalqın hökmdarı olmalısan! – deyə Fəxrəddinə lənət oxuyurdu. Xəlifə çox maraqlanırdı. Ümumiyyətlə xəlifələr bu oyuna çox həris idilər. Bu oyunda məharət göstərənlər xəlifələrin ən böyük mükafatına nail olurdu. Buna görə də xəlifə turanlıların bu qəhrəmanlığını gördüyü zaman onlara verəcəyi mükafatın miqdarı haqqında düşünürdü. Meydanın ətrafında durub turanlıların qəhrəmanlığına əhsən deyən minlərcə adamın diqqət-nəzərini birdən-birə meydana şığıyan tək bir atlı özünə cəlb etdi. Fəxrəddinin mindiyi əbləğ Qarabağ atı əvvəlcə ilan kimi bir yerə yığılaraq, sonra da ildırım şığıyan kimi əl-ayağını açıb meydanı əhatəsinə almışdı. Meydanda tamaşaya duran xalqı çox da böyük cüssəsi olmayan bir atın üstündə iyirmi beş yaşlarında, ucaboylu, gözəl bir gənci görüncə bütün diqqətlərini gözlərinə cəlb edərək ona baxırdı. Atabəy Məhəmməd əbləğ atı meydanda gördüyü zaman bütün kədərlərini unutdu və Fəxrəddin haqqında düşündüklərini başından ataraq bir anda qəlbi iki il əvvəl Kür qırağındakı gecə müharibəsinə qayıtdı, o zaman unudulmaz bir igidlik göstərən qəhrəman Fəxrəddini Bağdadın oyun meydanında gördü. Atabəy ancaq Fəxrəddinin əlindəki çövkana və havada oynayan topa baxırdı. Topu heç vəchlə Fəxrəddinin çövkanından qurtarmaq mümkün deyildi. Turanlılar bütün qüvvələrini meydana sürsə də, Qarabağ atının önünə keçməyi bacarmırdılar. Arabir Fəxrəddinin səsi eşidilirdi; o, Qarabağ atını səsləyərək: – Alaca, sağa dön! – Alaca, sola dön! – Alaca, geriyə çəkil! – Alaca, irəli yürü! – deyirdi. Əbləğ at meydanda topla bərabər fırlanırdı. Fəxrəddinlə turanlıların vuruşmaları bir saatdan artıq çəkdi. Atların hamısı hərəkətdən düşmüşdü. Əbləğ at rəqqasə kimi fırlanaraq xəlifənin nəzərini cəlb edirdi, o heç də öz hərəkət və qüvvətini itirməmişdi. Atabəy Məhəmməd yanındakı hökmdarlara tərəf dönüb tez-tez deyirdi: – Azərbaycanlıdır. Mənim ölkəmin qəhrəmanlarındandır. Bunların tarixi şöhrətləri vardır. Bunlar Midiya qəhrəmanlarının tarixi irsinə malikdirlər. Bu biri tərəfdən də Dürrətülbağdad öz qaynının bu qədər böyük qəhrəmanlığını görərkən sevinir və hönkür-hönkür ağlayırdı. Xəlifə Müstərşidbillahın qızları isə yanındakı kübar qadınlara tərəf dönüb tez-tez təkrar edirdilər: – Bizim ən yaxşı tanışımızdır. Bir süfrədə yemək yemişik. Topu Fəxrəddinin çövkanından qurtaran olmadı. Turanlılar yorulub aralıqdan çəkilmişdilər. Fəxrəddin isə topu havada əlində saxlamaqla mübariz gözləyirdi. Əbləğ atın burnunun fısıltısı dəmirçi küräsi kimi səslənirdi. Qəti yürüş başlanırdı. Çövkan-top oyununun qaydasına görə oyunun sonunda meydana ümumi hücum başlanmalı idi. Bu hücumda top hər kəsin əlində qalırsa, qələbə onun adına yazılmalı idi. Fəxrəddin hücuma başlandığını görüncə, topu havaya tullayaraq Alacanı məzmizlədi. Yüzlərcə at ağzını köhül kimi fınxıra-fınxıra Qarabağ atının üzərinə cummuşdu. Bu vuruşmada toz təbəqələrinin altında nələr olduğundan kimsənin xəbəri yox idi. Ancaq hərdənbir Atabəy Məhəmmədin və Dürrətülbağdadın səsləri eşidilirdi: – Alaca, sağa! – Alaca, sola! – Alaca, irəli! – Alaca, geriyə dön! Son qələbə qazanmaq üçün başlanmış vuruşma yarım saatdan artıq çəkdi. Atabəy Məhəmməd qəlbində soruşurdu: “Görəsən, toz təbəqələrinin altında vuruşan azərbaycanlı qəhrəmanı nə işdədir?”. Bu sözləri xəlifənin qızları və Fəxrəddinin qardaşı qadını da təkrar edirdi. Şeypur səsləri dörd tərəfdən eşidildi, oyun bitdi. Lakin toz təbəqələri öz qalınlığında davam edir, hər kəs oturduğu yerindən qalxıb topun kimin əlində qalmasının intizarını çəkirdi. Atlılar meydandan çəkildi, farağat başlandığı zaman Fəxrəddin, adət üzrə, öz əbləğ atını xəlifə oturan taxtın qarşısına sürüb, əlində topu xəlifənin taxtının ayağına atıb təzim etməyə tələsirdi. Atabəy Məhəmməd topu Fəxrəddinin əlində gördüyü zaman biixtiyar ağzından bu sözlər çıxdı: “Dünyada Turan yoxdur, ancaq bir Azərbaycan vardır” – dedi. Fəxrəddin iyirmi yeddi hökmdarın həsəd və həsətinə səbəb olan topu xəlifəyə təqdim etmək üçün atından piyada oldu. Top ilə çövkanı xəlifənin taxtının yanında yerə qoyaraq təzim etdi. Xəlifə isə: – Özünə də, atına da əhsən! – dedikdə, Fəxrəddin əbləğ atın cilovundan tutub irəli çəkdi və: – Atı Azərbaycandan xəlifə üçün hədiyyə gətirmişik. Atı imtahandan çıxarmaq üçün çövkan və top oyununda iştirak etdim, – dedi. Xəlifə şad bir surətdə: – Bu qələbə və bu ata mükafat olaraq Azərbaycan qəhrəmanı nə istəyir istəsin, – dedikdə, Fəxrəddin bir daha təzim edib dedi: – Azərbaycanlı nökəriniz Azərbaycandan Bağdada gətirilən qızların vətənlərinə qaytarılmasını rica edir. Xəlifə təəccüblə soruşdu: – O hansı qızlardır?! – Müstərşidbillah üçün göndərilən qırx nəfər qızdır. Xəlifə Asəfi çağırıb əmr verdi: – Bu günün özündə Azərbaycandan gətirilən qızların Azərbaycandan gələn heyətin ixtiyarına vermələsən. Fəxrəddin xəlifəyə bir daha baş endirib qayıtdığı zaman, Atabəy Məhəmməd irəli gəlib onun alnından öpdü: – Mən Fəxrəddinlə fəxr edirəm! – deyərək ona bir qədər baxdı, yenə də Fəxrəddinin çöhrəsində Gözəlin gözəl çöhrəsindəki nişanələri görüb fikri Canpolad kəndinə – Püsəran kəndinə qayıtdı. Fəxrəddin Dürrətülbağdad və xəlifənin qızları ilə bərabər yelkənə minib Hərbiyyə məhəlləsinə getmək üçün Dəclə çayının sahilinə tərəf getdikləri zaman, Fəxrəddinin qədəmlərinə hər bir tərəfdən gül dəstələri atırdılar. Bağdad xalqı küçələrə tökülüb Azərbaycan qəhrəmanını görməyə tələsirdi. Xalq Dəclə sahilinə qədər Fəxrəddini güllər və afərinlərlə müşayiət etdi. Onlar xəlifəyə məxsus gəmiyə oturub gözdən itincəyə qədər, qızlar və gənclər Fəxrəddini salamlayırdılar. Bu hadisədən üç saat keçməmişdi. Fəxrəddin illərdən bəri görmədiyi, həsrətində olduğu və uğrunda olmazın əziyyətlərə dözdüyü Dilşadla bərabər Dürrətülbağdadın balkonunda oturmuşdu. Onlar Bağdad axşamına məxsus sərinlikdə azad nəfəs alır və İraq ruzigarı da Dilşadın qara saçlarını Fəxrəddinin çiyinlərinə dağıdırdı. Günəş aralığı xəlvət etmək üçün üzünü Mədain xarabələrinə tərəf çevirib Kəsra qəsrinin dalısında gizlənməyə gedirdi. Dilşad qollarını açıb Fəxrəddinin boynuna saldığı zaman, onun dodaqları bir istilik hiss etdi. Fəxrəddin isə onun dodaqlarından bu sözləri eşitdi: – Dünyada azadlıqdan da böyük bir nemət vardırmı? * * * Qılınc və qələm Şimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi. Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı. Dilşad oturan taxt-rəvan Fəxrəddinin dostları və qohumları tərəfindən əhatə olunmuşdu. Gəncə şəhərinin xalqı böyükdən kiçiyə qədər Gəncə çayının kənarında idi. Nizami Məhşəti xanım, Rəna və Məhəmmədlə bərabər çayın kənarında qurulan çadırda oturub qafiləni gözləyirdi. Dəstə çayı bu tərəfə keçdi. Fəxrəddin Nizami və Məhşəti xanımı görən kimi atından piyada oldu, əvvəlcə Məhşəti xanımın əlindən öpdü, sonra Nizaminin Məhəmmədini öpdü, Rənanın əlini sıxdı və Nizami ilə dodaqdodağa qoyub öpüşərkən, Məhşəti xanım şad bir çöhrə ilə: – Qılıncla qələm öpüşdü! – dedi, – mən bir daha gəncləşdim, bu qalib bayram mənə təzə qüvvət və təzə həyat verdi. Mən yenə də yaşayacağam, yenə də şeir yazacağam. Xalqını qalib görən bir şairin şeir yazmaması mümkündürmü? Hər tərəfdən musiqi və “Yaşasın qalib!” səsləri eşidilirdi. Musiqi və “Yaşasın” səsləri birdən-birə dayandı. Hamının gözləri Nizamiyə tərəf çevrilmişdi. Xalq onun bu qələbə haqqında nə deyəcəyinin intizarını çəkirdi. Nizami uca bir daşın üstündə durmuşdu. O, üzünü minlərcə istiqbalçıya çevirib dedi: – Azərbaycan xalqı! Zülm və haqsızlığın yıxa bilmədiyi bir şey varsa, o da şəxsin qəhrəmanlığıdır. Zülm və haqsızlıq bir çoxlarının milli əzəmətini sarsıdırsa da, eyni zamanda qəhrəmanların da mübarizə silahını itiləşdirir, onların sinirlərini bərkidir və qəlbində düşmənə qarşı barışmaz bir fikir doğurur. Dünyada canlı və cansız hər şey ölümə məhkumdur. Lakin bir xalqın tarixi və milli əzəməti çürüməz və məhvedilməz bir cavahirdir. Cavahir heç bir zaman çürüməz, o, torpağın altında da, üstündə də olsa cavahirdir. İstilaçıların və müstəmləkəçilərin bizi alçaltmaq istəməsi və bizi Şərqin xəritəsindən silmək təşəbbüslərinə çox da təəccüb etməməliyik. Ancaq bunlardan daha alçaq, öz xalqının yüksəkliyini inkar edənlər və onun böyüklüyünə etina etməyənlərdir. Bu fikirdə adamların düşmənliyi xarici düşmənlərdən daha qorxuludur. Azərbaycan başladığı üsyanlarda qalib gəlirdi, bəzən məğlub da olurdu, lakin bunların heç birisi gələcək qabiliyyətdən ümidləri kəsməyə icazə vermir. Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl azadlıq sevən bir xalq olmuş, öz azadlıq yollarında bitən maneələri aməhv etməkdə məşhur olmuşdur. Azərbaycan xalqı öz mədəni və milli tarixini heç bir kəsə və heç bir qüvvəyə təslim etməmiş, yenə də etməyəcəkdir. Bugünkü bayramda bizim gələcəyə olan inamımız bir daha bərkidi. Bu qələbənin ilhamı mənə təzə-təzə mövzular bağışladı. Mən xalqların qəhrəmanlıq tarixini şerimlə yaratmaq üçün bu gün paytaxtımıza qayıdan qalib qəhrəmanımızdan təzə qüvvələr, təzə mündəricələr aldım. Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz. Bu gün şəhvətpərəst xəlifələrin saraylarından, həqarət və haqsızlığın qucağından alınan qızların ailələrinə qayıtması bir qəhrəmanlığın və bir milli əzəmətin nəticəsindədir. Mən əminəm ki, bu gün qarşımızda duran gənc dəstələrin içərisindən gələcəkdə yüzlərcə Fəxrəddinlər meydana gələcəkdir. Məhşəti xanım Dilşad oturan taxt-rəvana oturdu. Nizami ilə Fəxrəddin də atlanıb qalib dəstələrinin qarşısında şəhərə daxil oldular. Dəstə əvvəlcə Gəncə xətibinin dağılmış evinin qarşısından keçib, Məlikşah meydanına daxil oldu, oradan bir baş Əmir İnancın sabiq sarayının qarşısında dayandı. Dilşad başını taxt-rəvanadan çıxarıb Əmirin sarayına baxdığı zaman, sarayın yerində yanmış sütunlar, bir-biri üzərinə qalanmış hisli daş və kərpiclərdən başqa bir şey görmədi. O ağladı və başını Məhşəti xanımın çiyninə qoyaraq: – Ancaq indi azadlığıma inandım, – dedikdə, Məhşəti xanım da Gəncə çayının kənarında dediyi sözü bir daha təkrar etdi: – Qılınc və qələm! * * * Köşk-baği-müəzzəm Qətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi. Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda: “Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşk-baği-müəzzəmdə qalmalısan. Oranın havası oğlun üçün də əlverişlidir” – deyə əmr vermişdi. Atabəy verdiyi əmr üzərinə Qətibə xatun məcburi olaraq Köşk-baği-müəzzəmdə düşüb qalmışdı. O düşünürdü ki, Atabəy Bağdaddan qayıtdığı zaman Köşk-baği-müəzzəmdə düşəcək və Qətibə ilə görüşəcəkdir. Lakin Atabəyin Bağdaddan qayıdıb birbaş Həmədana getməsi, məsələnin ciddi olduğunu göstərmiş və Qətibənin həyəcanına səbəb olmuşdu. Qətibənin paytaxtdan xəbəri yox idi, bu hadisənin nəticəsindən qorxurdu. O, Atabəy Məhəmmədin nə iş gördüyü və nə düşündüyünü öyrənməli idi. Buna görə də Səba xanımı Həmədana göndərməyi düşünürdü. O, bu işlərə Səba xanımın səbəb olduğunu bilmirdi, o yenə də Səba xanımın sənətkarlığına inanır və ondan istifadə etməyi düşünürdü. Qətibə Səba xanımı yanına çağırıb bir mələkə kimi deyil, məhəbbətli bir bacı kimi dedi: – Mənim munisim, sənin təxirsiz olaraq Həmədana getməyin lazımdır. – Nə üçün? – Atabəyin nə iş gördüyündən xəbərim yoxdur. – Atabəy mənim nə üçün Həmədana qayıtdığımı soruşmazmı? – Sən yalnız getməməlisən. Qütlüğü özünlə bərabər götürməlisən. “Uşaq atasını görmək istədi” – deyərək bəhanə gətirə bilərsən. – Bilmirəm bu vəzifəni bitirə bilərəmmi? – Əcəba, indiyə qədər sənin ifa etdiyin vəzifələr bundan asan vəzifələr idimi? Səba xanım sakit olub oturmuşdu. Heç bir söz danışmırdı. Lakin Qətibə onun nələr düşündüyünü çox gözəl bilirdi: o, mükafat almadan bu işə getmək istəmirdi. Buna görə də Qətibə əlini atıb kiçik cəbədən bir şəddə iri dənəli inci çıxarıb Səba xanımın boynuna salaraq: – Bunu Bağdadda sənin adına almışam, – dedi. Səba xanım çox narazı surətdə: – Allah mələkənin kölgəsini mənim başımın üstündən əskik eləməsin, – dedi. Qətibə onun narazı baxışlarını gördüyü zaman: – Sənə yüz dənə də qızıl verəcəyəm, ancaq Həmədandan yaxşı xəbərlə qayıtsan, bunun miqdarını beş yüz qızılla qaldıracağam, – dedi və yüz qızılı Səba xanımın ovcuna saydı. Səba xanım adəti üzrə vəzifəsindən çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: – Əlacım nədir... Məgər mən mələkəyə mükafat üçünmü xidmət eləməliyəm? Allah eləməsin mən o həyda qız olum... Əcəba, indiyə qədər mələkə mənim sədaqətimə inanmamışdırmı? Qətibə fikir dəryasına qərq olmuşdu, acığından dişi-dişini kəsirdi, qəlbində Səba xanıma acıqlanaraq: “Fahişənin birisi, sən daima mənim düşdüyüm çətinliklərdən istifadə edib məni qarət edirsən, başım ayılan kimi sənin dərini dabanından soydurmasam, Əmir İnancın qızı Qətibə deyiləm. Sən elə bilmə ki, tədbirli, bacarıqlısan. Yüz sənin kimi tədbirlilərə dərs verərəm. Səni mənə üstün gətirən bir şey varsa, o da sənin fahişəliyindir. Nə edim, mən bunu bacarmıram” deyirdi. Səba xanım da başını aşağı salaraq, qəlbində Qətibəyə gülür və deyirdi: “Səni elə tələyə salmamışam ki, bir də mənim əlimdən qurtara biləsən. Sənin evin onda yıxıldı ki, üç min dirhəm pul verib məni Əbül-Ülanın qadınından aldın. Öz əlinlə öz bəlanı qazandın. Səndən axmaq, səndən də ağılsız kimdir?! Öz sirlərinin hamısını mənə tapşırandan sonra daha nəyin qaldı? Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. Nağılçılar yalan demir ki... Padşah qızlarının naxırçıları və keçəlləri sevməsinə kim inanmaz! Bu baş, bu gözlə özünü ağıllı da hesab edir! Sənin üst-başındakı bu daş-qaşın hamısını əlindən çıxarmasam, Səba xanım deyiləm! Atanı qarət etmişəm, özünü talayıram, ərin Atabəyi də əlindən alıb soymağa başlamışam”. – Olsun! Səba xanım da onun fikrini dərhal ovlayaraq cavab verdi: – Olsun görək! ...Səhər tezdən taxt-rəvan Köşk-baği-müəzzəmin qapısında durmuşdu. Səba xanımla Qütlüğü paytaxta aparmaq üçün bir dəstə atlı qapıda durub Qətibənin əmrini gözləyirdi. Nəhayət, Qətibə xanım oğlu ilə bərabər bağın qapısından çıxdı, oğlunun üzündən öpərək taxt-rəvana qaldırdı. Səba xanım da taxt-rəvana oturub, Həmədana yola düşdü. Səba xanımın taxt-rəvanı axşam günbatan zamanı Atabəy sarayının qarşısında dayandığı zaman, Səba xanım sarayın qapısında böyük bir qələbəlik gördü və bir hadisə baş verdiyini təyin etdi. Bir az sonra saraydan Atabəyin qulamları iki nəfər adam çıxardılar. Səba xanım yaxşı diqqət verdikdə onların Zəhir Bəlxi ilə Kəmaləddin olduğunu gördü. Səba bundan sevindi. O, Bağdaddan Atabəyə göndərilən gizlin məktubların yerinə düşdüyünü və Atabəyin məktublara inandığını təyin etdi. Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. O, məktubda yaza bilmədiyi sözləri dili ilə demək üçün imkan yaradıldığına sevindi. Zəhir Bəlxi ilə Kəmaləddinin həbsə göndərilməsi Hüsaməddinin də böyük təhlükə qarşısında durduğunu göstərirdi, lakin Səba xanım hər halda Hüsaməddini Atabəyin bıçağı altına vermək istəmirdi; çünki o, özünün Fəxrəddin tərəfindən aldadıldığını və Fəxrəddinin Bağdaddan Dilşadla bərabər Azərbaycana getdiyini eşitmişdi. O, Bağdadda Fəxrəddinlə görüşdüyü zaman, Fəxrəddin artıq Dilşadı unutduğunu, Səba xanımı sevdiyini və ona evlənəcəyini Səba xanıma bildirmişdi. Buna görə də Hüsaməddinin həyat səhnəsindən götürüləcəyinə heç də təəssüf etmirdi. Lakin Fəxrəddinin ona hiylə gəldiyini və onun sirlərini aldığını görəndən sonra, Səba xanımın qəlbi yenə də Hüsaməddinin məhəbbəti üzərinə qayıtmışdı. O, Atabəylə birinci görüşündə Hüsaməddini müdafiə etmək üçün zəminə hazırlamağı qərara almışdı. Axşam şamlar yandığı zaman Atabəyin xas qulamı gəlib Səba xanımı Atabəyin hüzuruna çağırdı. Səba xanım saraya girən kimi, otağının qapısını açıb iki saatdan bəri bəzənir və Atabəyin nəzərini cəlb etmək üçün nə qədər zinəti varsa üstünə tökürdü. Üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. Bağdaddan gətirdiyi ən qiymətli ətirlərlə vücudunu çimdirmişdi. O geyinib güzgüyə baxıldığı zaman, baxışlarının növünü yoxlayır və hansı baxışda daha dilrüba görünəcəyini gözdən keçirirdi. Nəhayət, o bir daha öz əndamına baxdıqdan sonra dedi: “Çox gözəllər vardır ki, üzünə baxdığı zaman sənin nəzərini cəlb etmək əvəzinə özündən rədd edir və kişinin qadına olan sevgi alovlarını söndürür. Lakin mən elə deyiləm, mən həm gözələm, həm də sehrkar bir qızam. Mənim qarşımdan şikar qaça bilməz. Mən həm gözəl və incə bir qızam, həm də kişilərin xəstəliyini təyin edə bilən məharətli bir təbibəm. Mən hansı kişinin hansı qadını sevə biləcəyini və kişinin qadından nə istədiyini bilirəm. Mən bilirəm ki, bir qadın yalnız öz gözəlliyi ilə kişinin qəlbinə hakim ola bilməz. Qadınların xasiyyəti müxtəlif və biri digərinə bənzəməz olduğu kimi, kişilərin sevgiləri də müxtəlifdir. Əcəba, gözəl və bəzən qəhrəman kişilərin çirkin qadınlara evlənməsi haman müxtəlif sevgi xüsusiyyətlərinin nəticəsi deyilmidir? Mən həm gözəl qadınam, həm də tacir bacarıqlı, tacir bilikli, tədbirli, ağıllı bir alış-verişçiyəm. Mən sadə tacir deyiləm, mən müştərinin nə kimi mataha maraqlı olduğunu gözlərindən oxuyan bir ruhiyyatçıyam. Mən bilirəm ki, hər kişi üçün hər şey lazım deyil. Hərgah şairlər qadınla təbii gözəlliyi sevirsə, bəzəyə və zinətə möhtac olmayan təbii gözəllik ancaq məndədir. Qadınlarla üz-üzə gəldiyi zaman öz biliyini göstərmək istəyən axmaq kişilər, fəlsəfədən söhbət açmaq istərsə, mən də özümü bir filosof kimi nümayiş etdirə bilərəm. Qarşıma, qıza nazlanmaq istəyən naşı gənclər çıxarsa, mən də şıltaqçı qızlar kimi onların ruhunu əsir götürməyi bacararam. Qadının zinət və libasına aldanan kişilər üçün heç bir qadına mümkün olmayan zəngin libaslarım, daşım və qaşım vardır. Atabəy isə ən gözəl, həm də zəngin qadını sevir. Onunla nə cür danışmaq lazım olduğunu onun mələkəsi bacarmırsa, mən bacara bilərəm. Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsa öz mələkələri ilə yaşaya bilməzdilər. Həqiqi qadın mənəm, mələkə isə bir oyuncaqdır”. Səba xanım öz-özünə bu sözləri danışandan sonra Atabəyin oğlunun otağına gəlib onu Atabəyin yanına götürdü. Atabəy Səba xanımı və oğlunu gördüyü zaman bir qədər düşündü, çünki oğlunun vəziyyəti onu rahatsız edirdi. O, uşağı gördüyü zaman yenə də Qətibənin inadlı, gizli və acıqlı çöhrəsi gəlib onun gözünün qarşısında durdu. Uşağın üzünə nə qədər baxdısa, onda özündən heç bir nişan görmədi və öz-özünə: “O bu uşağı da bədbəxt etdi, uşağı sevmək istərkən, o yenə də gəlib gözümün qarşısında durur” – dedi və qollarını təərddüdlə uzadıb uşağın boynuna salmaq istərkən, uşaq onun etinasızlığını anlayaraq geri çəkildi. Atabəy uşağın bu qədər kəskin acığını görüncə yenə də öz-özünə: “Bu mənim çırağımı yandırmayacaqdır. Məmləkət bunun əlindən fələkətlərə düşəcəkdir” – deyərək, Səba xanıma müraciət etdi: – Apar oğlum rahat olsun, görünür ki, çox yorğundur, özünsə qayıdıb hüzuruma gəl, – dedi. Səba xanım qayıdıb Atabəyin otağına girdiyi zaman Atabəy hər şeydən əvvəl onu sual verdi: – Sən mənim başıma and içərək bir həqiqəti mənə söyləyə bilərsənmi? – And içmədən də söyləyə bilərəm. Təbiət mənim dilimdə yalan danışmaq qabiliyyəti yaratmamışdır. Bunun üçün mən bədbəxtəm, çünki hazırda bir çoxları yalan deməklə başını dolandırır. – Sən doğru danışdığın üçün, cariyələrin içərisindən ancaq səni intixab etdim. Sən həm gözəl, həm də həqiqəti sevən və Atabəyin namusuna qiymət qoya bilən bir cariyəsən. Buna görə də mənim şərəf və məhəbbətim ancaq sənə məxsus olacaqdır. İndi əsil məsələyə keçək. Mən bir neçə məsələni aydınlaşdırmaq üçün səni Həmədana çağıracaqdım, lakin nə vasitə və nə bəhanə ilə çağırmaq haqqında düşünürdüm. – Mənim özüm də əlahəzrəti ziyarət etməyi düşünürdüm. Nəhayət, oğlunuzu görüşə gətirmək bəhanəsi ilə mələkəni razı saldım. Nədənsə mələkə məni heç buraxmaq istəmirdi. Səba xanım bunu deyərkən gözləri yaşla doldu, o ağlaya-ağlaya: – Bilmirəm, əlahəzrətin məni Köşk-baği-müəzzəmdə həbsə almasının səbəbi nədir?! – dedikdə, Atabəy onun saçlarını sığallayaraq: – Bunların hamısı müvəqqəti hallardır. Sən tezliklə mənim sarayımın qiymətli bir qəndili kimi şöhrət qazanacaqsan, – dedi və sonra da əlavə etdi: – Sənin mənə Bağdaddan göndərdiyin məktubu doğrudan da Qətibə Toğrulamı yazmışdı? – Bəli, Toğrula yazmışdı. – Yaxşı fikirləş, bəlkə Hüsaməddinə yazmışdı? – Mələkənin öz qəlbini Hüsaməddinə məktub vasitəsilə bildirməsinə heç bir ehtiyac yox idi. Çünki Hüsaməddin də, mələkə də Xüld qəsrində idi, mələkə onu hər saat görə bilər və hər saat da danışa bilərdi. Lakin mən Atabəy həzrətlərinə demək istəyirəm ki, o öz mələkəsini bu qədər alçaltmasın. Doğrudur, Hüsaməddin mələkəni qızlığında sevirdi, lakin mələkənin nə qızlığında, nə də mələkəliyində Hüsaməddini sevməsinə inana bilmirəm. Bir də ki, Hüsaməddin kimdir və onun nə kimi bir gələcəyi vardır? Toğrul isə bir hökmdar oğludur. Bəlkə də mələkə öz oğlunun gələcəyini təmin etmək üçün Toğrulu aldadır. Mən buna inanıram. Doğrudur, sizə göndərdiyim məktubu mələkənin öz əlilə yazdığını görmüşəm, lakin mələkənin Toğrul ilə bir yerdə olduğunu və əlahəzrətin namusunu ləkədar etdiyini görməmişəm. Çünki mələkə necə ki, Həmədanda, elə də Bağdadda olduğu zaman, mənim gözümdən kənara getməmişdir. O daima mənim yanımda olmuşdur. – Sən mələkədən məktubu alıb Toğrula göstərmədinmi? – Göstərib geriyə aldım, xanımın bu cür əmr verdiyini söylədim. – Sən mələkənin məktubunu Toğrula göstərdiyin zaman onda nə kimi vəziyyət gördün? – Rəngi ağardı və fikrə getdi. – Cavab yazıb vermədimi? – O barədə heç bir söz danışmadı. – Onların yığıncaqlarında nə eşidib, nə gördün? Toğrul nə danışırdı? – Toğrul heç bir söz danışmırdı, onun əvəzindən ancaq Zəhir Bəlxi və Kəmaləddin danışırdı. – Nizamini öldürmək məsələsini kim əvvəlcə aralığa atdı? – Bunu aralığa atan yenə də Zəhir Bəlxi idi. Məktubu da onlar yazdılar, Toğrul isə ancaq imza etdi. Sizin Azərbaycandakı oğlanlarınızı öldürmək üçün göndərilən adam barəsində də təhqiqat apardım. Onları da göndərənlər Zəhir Bəlxi və Kəmaləddindir. Hüsaməddinin bu cinayətdən xəbəri yoxdur. Lakin onun Toğrula hörmət bəslədiyini bilirəm. – Mələkənin bu cinayətin təşkilindən xəbəri yoxdurmu? – Mən desəm ki, “xəbəri yoxdur”, mənə kim inana bilər? Mələkə bir qadındır, özü də bir Əmirin qızıdır. Bir kəndli qızından doğulan oğlanların taxt-taca şərik olmasına soyuqqanlı bir surətdə baxa bilərmi? Bir halətdə ki, əlahəzrət ona evləndiyi zaman başqa bir qadına evlənməməsi üçün söz vermişdi. Bu barədə əlahəzrət icazə verəydi, mən mələkənin haqlı olduğuna hökm verərdim. – Bunların hamısı keçəndən sonra, iki gün burada qalıb yenə də Köşk-baği-müəzzəmə qayıdarsan, mələkənin kimlər ilə əlaqə saxladığını tez-tez xəbər verərsən. Səba xanım bu sözləri dinlədikdən sonra utana-utana dedi: – Əlahəzrət yenə də cariyəsini şərəfindən məhrum etməkmi istəyir? – Mən bir dəfə dedim, yenə də deyirəm, mənim şərəfimə ancaq sən layiqsən. Səhər Səba xanım Atabəyin otağından çıxdığı zaman mükafat aldığı və barmağına taxdığı qiymətli üzüyə çox diqqətlə baxır və sevinirdi. * * * Atabəy Səba xanıma “Həmədanda iki gün qalmalısan” deməsinə baxmayaraq, onu on gün tamam yanından kənara buraxmayaraq, gecə-gündüz bir yerdə vaxt keçirdi. Nəhayət, Səba xanım əlinə qazanclı vəsiqələr saldığı üçün, mələkənin yanına getməyə və haman vəsiqələr ilə bərabər eşitdiyi xəbərləri mələkəyə satmağa tələsirdi. * * * Həmədan şəhəri bəzənmişdi. Gözəl öz oğlanları ilə barabər təntənə ilə paytaxta daxil olmuşdu. Bu xəbəri Qətibəyə yetirmək üçün Səba xanım səhər tezdən Qütlüğü götürüb Köşk-bağı-müəzzəmə yola düşdü. Qətibə onun Həmədanda bu qədər təxir etməsindən şübhələnirdi, çünki Səbanın namusuna inanmırdı. Qətibənin fikrincə, Səba xanım Atabəylə olan birinci görüşündə özünü də, qəlbində olan sirlərini də sata bilərdi. Səba xanımın taxt-rəvanı bağın qapısında dayandığı zaman Qətibə oğluna əhəmiyyət verməyərək: – Səba xanım, özümü çox fəna hiss edirəm, Qütlüğü lələsinə tapşır, mənim otağıma gəl, – dedi və otağına getdi. Səba xanım Qətibənin təşviş və həyəcanını görən zaman qəlbində: “Anamın qəbrinə and olsun, bu dəfə əlimdəkiləri sənə ucuz satmayacağam. Sən mənim əsirimsən, indi mən istədiyim zaman səni məhv edə bilərəm” – deyirdi. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. Səba xanımın yubandığını görüb ikinci dəfə dalınca adam göndərdi. Səba xanım Qətibənin yanına gəldiyi vaxt başını əlləri arasına alıb oturdu. Onun bu vəziyyəti Qətibənin qəlbindəki qorxuları daha da artırdı. Qətibə səbirsiz bir surətdə onu sual verdi: – Nə üçün danışmırsan? Mənim qəlbimin partlamasınımı istəyirsən? Mən səni nə üçün paytaxta göndərmişdim? Qətibənin bu sualından sonra Səba xanım başını qaldırıb danışdı: – Rica edirəm, mənə rəhm edin, məni aldığınız qiymətin üç bərabərini alıb azad edin. Qoyun mən gedib küçələrdə dilənçilik edim, mən də yazıq bir qızam, mən də yaşamaq istəyirəm. Qətibənin iztirab və həyəcanı daha da artdı, Səbada qorxulu bir xəbər olduğunu hiss edərək titrədi və soruşdu: – Mənim ruhum, mənim sirr yoldaşım, sənə nə fəlakət üz vermişdir? – Nə olacaqdır? Mən başdan ayağa fəlakət içində deyiləmmi? – De görüm, axır nə fəlakət üz vermiş? – Nə edim? İki qılıncın arasındayam. Bir tərəfdən mələkəyə ürəyim yanır, o biri tərəfdən də Atabəyin qəzəbindən qorxuram. O bu gün məni çuvala salıb hovuza atdırmaq istəsə, kim gəlib məni onun əlindən alacaqdır? Yalvarıram, məni azad edin! Qətibə yalvarıcı bir vəziyyətlə dedi: – Əcəba, səndəmi məni qürbət vilayətdə tək buraxıb getmək istəyirsən? – Çarəm nədir? Atabəy soruşur ki, onlar Bağdadda nə işlə məşğul idilər. Hərgah doğrusunu desəm, mələkəni məhv etmiş olaram, yalan desəm, bir məmləkətin hökmdarını aldatmış oluram. Yalanın nəticəsini də ki, mələkənin özü yaxşı bilir. İndi özünüz deyin görüm çarəm nədir? Onun üçün də deyirəm məni azad edin, çıxıb cəhənnəm olub bir tərəfə gedim. Atabəyin gözü nə məni görsün, nə də bəzi xəbərləri soruşsun. Qətibənin qırmızı yanaqları qorxusundan pambıq kimi ağardı. Məğrur Qətibə Səba xanımın önündə ən aciz bir pişik şəklinə düşərək yaltaqlanmağa başladı: – Sən bilirsən ki, sən olmasan bu bədbəxt Qətibə məhv olar. Nə üçün başladığın işi axıra qədər aparmaq istəmirsən? Sən elə bilirsən ki, bu yaxşılıqlar mənim yadımdan çıxacaqdır? – Mən istəyirəm ki, bundan sonra mələkə mənimlə bir tanış və bir dost kimi rəftar etsin, o zaman mən də öz köməyimi əsirgəmərəm. Hazırda siz mələkəsiniz, mən sizin cariyənizəm. Buyurun, nə xidmətiniz varsa, yerinə yetirim. Lakin ölüm ayağına öz ayağımla gedə bilmərəm. – Sən elə bilirsən ki, səni azad etmək istəmədiyim dünya malı üçündür? Sənin üçün verdiyim üç min dirhəmin üstünə üç min dirhəm də qoyub səni azad edərəm. Lakin sənsiz yaşamağım mümkün deyil. Sən məni buraxıb getməməyə söz versən, bu saat səni azad edərəm. – Sənin başına and içirəm. Öldürsələr də, meyitim möhtərəm mələkədən ayrılmayacaqdır. Qətibə bu sözdən sonra qələmdanı açıb qələmi çıxardı və tumardan bir parça kağız kəsib: “Mən, Qətibə Əmir İnancın qızı öz cariyəm Səba xanımı mənə olan səmimi xidmətlərinə mükafat olaraq azad edirəm” – yazdı, Səba xanıma verib üzündən öpdü və əlavə olaraq soruşdu: – İndi də görüm, Atabəyin fikri nədir? – Atabəyin fikri qorxulu fikirdir. Mən inanıram ki, Toğrulun yanında Atabəyin adamı vardır. – Nədən bildin? – Mələkənin Bağdadda Toğrula yazdığı və mənim vasitəmlə göndərdiyi məktub Atabəyin əlindədir. Qətibə bu sözü eşidərkən əlini dizlərinə çalıb: – Məhv oldum, – dedi, – sən o məktubu gördünmü? – Əlbəttə ki, gördüm! Atabəy məktubu göstərən kimi məni söydü və “xain cariyə, Bağdada mənim qadınımdan Toğrula məktub aparmaq üçünmü getmişdin?” – dedi. – Sən nə cavab verdin? – Özünüz düşünün, nə cavab verə bilərdim? – Mənə rəhmin gəlsin, Səba! Atabəyi başdan çıxarmaq, onun şübhələrini dağıtmaq üçün fikirləşməlisən. Nə istəyirsən istə, məni bu rüsvayçılıqdan qurtar! – Mən nə edə bilərəm? Mələkənin öz xətti ilə yazdığı məktub Atabəyin əlindədir. – Sən bacararsan, öhdənə götürdüyün işi yerbəyer etməyə qabilsən. Hər nə istəyirsən istə! – Ölüm üçün bir bina tikdirmək istəyirəm, yetim qızam, mənim də bir çıraq yandıran evim olsun. – Sənə min qızıl verərəm. Razı qalarsanmı? – Çox gözəl, bunu siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir? Siz elə bilirsiniz ki, Atabəy onun gözlərinə mil çəkdirməyəcəkdir? Qətibə bir daha dizlərinə vuraraq: – Xudavənda, nə böyük fəlakət! – dedi və əlavə etdi: – Hərgah bu işi öz yoluna qoysan, mən Toğrulun tərəfindən də min qızıl sənə verməyə söz verirəm. Səba xanım daha danışmadı, sakit durdu. Qətibə onun razı qaldığını hiss edərək, ayağa qalxdı və sandığı açıb min qızıl Səba xanımın ovcuna saydı və dedi: – Toğrul sənə min qızıl verməzsə, onu mən özüm verərəm. Sən mənə inanırsanmı? – İnanıram. – İndi ki, inanırsan, de görüm, məktub məsələsini nə cür düzəldəcəksən? Səba xanım qızılları götürüb öz otağına apardı və gəlib oturandan sonra dedi: – Şübhəsiz ki, mələkə həmişəlik Köşk-bağı-müəzzəmdə qalmayacaqdır. Sizin burada qalmağınızın müəyyən səbəbi vardı. Qətibə tələsik soruşdu: – Nə kimi səbəbi ola bilərdi? Mənim burada qalmağıma həbs edilməkdən başqa bir məna vermək mümkündürmü? – Siz həbsdə deyilsiniz. Burada qaldığınızın səbəbini eşidin! Gözəl öz oğlanları ilə barabər paytaxta gələcəkdir. Atabəy sizin Gözəl ilə qarşı-qarşıya gələcəyinizi istəməmişdir, vəssalam, şüd tamam, sizin burada saxlanmağınızın səbəbi budur. – Sən Gözəli gördünmü? – Necə ki, görmədim... – Onun Gözəl adlandığı gözəlliyindədirmi? – Dünyada adına layiq insana təsadüf edilibdirmi? – Oğlanlarını da gördünmü? – Gördüm, yaşlarına baxmayaraq, çox böyük görünürdülər. – Mindikləri taxt-rəvanlar təntənəlimi idi? – Taxt-rəvan yox idi. Gözəl də, oğlanları da at üstündə idilər. – Atabəy sarayındamı düşdü? – Xeyr, o, Atabəydən çoxdan ayrılmışdır. Buna görə də başqa yerdə mənzil etdi. – Atabəy onu istiqbal etdimi? – Etdi. – O, oğlanlarını öpdümü? – Öpdü, lakin uşaqlar onu tanımırdılar. – Görünür ki, o qadın ağıllı qadındır. Atabəy mənim barəmdə nə danışırdı? – Əlində elə bir məktub olan kişi qadını haqqında nə danışa bilər? – Bilmirəm, sən mənə kömək edə biləcəksənmi? – Edə biləcəyəm. Şübhəsiz ki, əlahəzrət sizi Həmədana çağıracaqdır. O, məktubu sizə göstərib bu məktubu yazıb-yazmadığınızı soruşacaqdır. O zaman deyərsiniz ki, bəli, mən yazmışam, lakin Toğrula yazmamışam. Məktubu Fəxrəddinə yazıb saraya gətirmək və məhv etmək istəyirdim. Bunu bacara bilərsinizmi? – Bacararam. Lakin Atabəy məktubun Toğrulun əlinə nə vasitə ilə düşdüyünü soruşarsa, nə deyərəm? – O zaman deyərsiniz ki, Səba xanım Toğrula veriləcək məktubu Fəxrəddinə, Fəxrəddinə veriləcək məktubu isə yanlış olaraq Toğrula vermişdir. Bundan sonrasını mənə tapşırın. Lakin bunu deməliyəm ki, Hüsaməddin də məni mükafatlandırmalıdır. Çünki onun barəsində olan şübhələri də dağıtmışam. Bu vəzifəni də mələkənin xatiri üçün ifa etmişəm. Atabəy həddindən artıq qısqanırdı. Qətibə bu sözdən sonra qalxıb onun ağzından öpdü və soruşdu: – Zəhir Bəlxi və Kəmaləddini görüb mənim sifarişlərimi yetirə bildinmi? – Görə bildim, lakin sifarişinizi yetirə bilmədim, çünki mən Atabəy sarayının qabağına yetişdiyim zaman onları Atabəyin yanından çıxarıb həbsxanaya aparırdılar. – Həbsxanaya? – Bəli, onları həbs etdilər. Qətibə bir az fikrə getdikdən sonra yenə də: – Darmadağın dağıldıq! – dedi və fikrə getdi. Gecə keçmişdi, Səba xanım: – Gecəniz xeyrə qalsın! – deyib yatmağa getdi. Qətibə isə öz yatağına çəkilərək, Həmədanda Gözəlin oğlanlarının şərəfinə verilən ziyafəti cürbəcür şəkillərdə xəyalına gətirir, onun içərisini gizli bir qısqanclığın acıları doğrayırdı. Onun yuxusu bir tikan olub göz bəbəklərini deşirdi. Yumşaq qu tükündən düzəldilmiş atlas döşək bir çaxmaq daşına dönərək onun bədənini cırmaqlayırdı. Başı üstündə yanan şamların hər birisi bir ilan şəkli alıb onun yorğan-döşəyinə atılmaq istəyirdi. Yata bilmədi, yatağından qalxıb xələti üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu. Lakin bu da onu təskin etmirdi. Ətrafındakı topa qızıl güllərə baxdığı zaman bir gəncin məzarı üzərinə qoyulan əklilin qəmli təsirini alırdı: əlvan çiçəkli xiyabanlar məhv olan bir xalqın yadigarı kimi qalan köhnə qəbiristanlardan daha qorxulu və hüznavər idi. Acığından qızarmış gözləri ilə hovuzdan havaya qalxan fəvvarələrin hovuza tökülən qətrələrinə baxdığı zaman, göydən yerə qanlı yağışlar yağdığını hiss edirdi. Ulduzların şəfəqini hovuzun güzgüsündə görüncə Yer kürəsinin dağıldığını və ulduzların suya səpildiyini zənn edirdi. Fəzanın pəncərəsindən başını çıxarıb baxan on dörd gecəlik ay da onu udmaq üçün ağzını açan bir əjdahaya bənzəyirdi. Arabir çinar ağacında oxuyaraq “haq-haq” deyən quşun səsi də onu məşğul edirdi. O “haq-haq” səsini eşitdiyi zaman deyirdi: “Dünyada haqq yoxdur, həqiqət yoxdur, onların yerində aldatmalar, şəkərə bürünmüş zəhərlər vardır”. İnsana həqiqi nəşəni verən, ürəklərin daimi çırpıntısını dayandıran, varlıqdan yorğunluq və ümidsizlik duyan ürəklərdən illərin, əsrlərin kinli tozlarını silən və arzuları nəticələndirən ancaq intiqamdır. Mənim böyük düşmənim öz bəxtimdir. Düşmənimin birisindən intiqam ala bilmədiyim halda, iqbalım qarşıma başqa bir düşmən çıxardı. Lakin əvvəlki düşmən sonrakı düşmənimdən daha böyükdür. Çünki birincisini sevirdim, ikincisi isə məni sevdi. İkincisini məhv etmək birincisini məhv etməkdən daha asandır. Yalandır, sevgidə də həqiqət yoxdur. O məni sevirdi, and içmişdi, söz vermişdi, məndən başqasına evlənməyəcəkdi; çünki o, yaşca məndən böyük idi. Sevgilərin nə kimi bir cövhər və nəliyi məlum olmayan bir maddə olduğunu bir fəlsəfə şəklinə salıb qızların şüuruna yeridən alimlər nə qədər alçaq imiş... “Dünyada səbəbsiz bir şey yoxdur” – deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş. O, gözəlliyə pərəstiş etsəydi, yoxsullar arasında məndən daha gözəlləri var idi. Lakin o, xəlifə ilə qohum olmaq və bu vasitə ilə məmləkətini genişləndirmək istəmişdi. Mənsə onun məqsədinin aləti kəsilməli idim. O mənim izdivacımla bir tərəfdən məmləkətlərə sahibləndi, o biri tərəfdən də gələcəyindən həyat və iqbal ümidləri bəsləyən bir qızı öz şəhvətinə qurban verdi. Xəlifə öldü, onun mənə olan sevgisi də öldü. İndi isə ona təzə-təzə qurbanlar lazımdır, özü də ucuz qurbanlar. Lakin mən özümü onun qiymətləndirdiyi kimi qiymətləndirməyəcəyəm. O mənim həyatımı əlimdən almışdır, buna da öz həyatı ilə cavab verməlidir. O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. Onun nəslini kəsməyə çalışacağam. Mənim üçün qiymətli olan ancaq oğlumdur. Çünki onun yarısı mənim öz qanımdandır. Ana məhəbbətini ürəkdən silə biləcək bir dərman olsaydı, mən bu rüsvayçı və aldadıcı xanədandan bir nəfər nəfəs çəkən belə diri buraxmazdım. Lakin uşaq mənə oxşayır, o mənimdir. Mənim olduğu üçün ata məhəbbətindən məhrumdur. Vaxtilə dodaqlarımdan öpərkən: “O dodaqlar mənim həyat bulağımdır” deyən aldadıcı dodaqlar bir dəfə də olsa mənim oğlumun dodaqlarından öpməmişdir. Mənim dodaqlarıma xəyanətlə dəyən dodaqların başqa dodaqlarda gəzdiyini gördüyüm zaman nə yalvarmaq, nə də həqiqətə sığınmaq lazım deyil. Belə çətinliyin əlacı ancaq intiqamdır. Qadın bədəninin başqa bir kişiyə satılması işinə irz, namus və qeyrətin satılması kimi baxanlar xalqın ən anlamaz və geridə qalan hissəsidir. Çünki satılan şey bir parça ətdən ibarət olmayıb, hər şeydən təmiz olan ailəvi vicdandan ibarətdir. Mütəqabil sevginin özü də həmin vicdandan süzülüb tökülən cövhərdən ibarətdir. Dünyada irz, namus və şərəf adlanan şey varsa, o da ancaq cövhərdir. Demək ki, mütəqabil sevgi məni satan adamda yox idi. O, satıcı idi. Əvvəlcə o məni satdı, mənim üçün də yol açdı. Əcəba, onun məni qısqanmağa nə haqqı vardır? Mən başqasının qolları arasına girib yatmadım, onun qadını ola-ola başqasına ərə getmədim. Başqasından iki oğlan da doğurmadım, onun mənə xain deməyə haqqı vardırmı? O həm evləndi, həm də mənim atamın qatillərini müdafiə etdi. Xəlifənin qarşısında Fəxrəddinin alnından öpdü. Mənim qəlbimi yaraladı. Mənim atamın üzərinə üsyanlar təşkil edən Nizamini diri qoydu. O hazırda öz oğlu və öz qadını ilə oturub şeir yazır. Halbuki Atabəy mənim əlimi əlinə aldığı zaman Nizamini məhv edəcəyinə söz vermişdi”. Qətibə bunları düşündüyü zaman fikri bir daha keçmişlərə qayıtdı. Onun nəzərində Atabəylə birinci dəfə görüşdüyü gün və toy gecəsinin əsas dəqiqələri canlandı. Onu qısqanclığın isti tərləri çimdirməyə başladı və şiddətlə diksindi. Sanki onun qarşısında gənc Atabəy durmuşdu, sanki o, birinci dəfə Qətibənin dodaqlarını dodaqlarına yaxınlaşdırırdı. Qətibə bu düşüncə ilə də dedi: “Atabəy, sən bu dodaqlara and içməlisən, o şair məhv edilməlidir”. Qətibə bu sözləri dilində təkrar etdiyi zaman sanki qulaqları da bu sözləri eşidirdi: “Qətibə, bu dodaqlara and içirəm, mən o şairi məhv edəcəyəm”. Qətibə keçmişin qoynuna girmişdi, Atabəyə nazlanırdı, Atabəy isə bir kasa dolusu nadir inciləri Qətibənin döşlərinə səpərək: “Qətibənin incilərdən incə olan vücudu incilərin şəfəqinə qalib gəlir” – deyirdi. Qətibə bu fikirlərin təsiri ilə qollarını qaldırıb gənc Atabəyi öz bağrına basmaq istərkən, qolları öz döşünə düşdü və diksinərək: “Yox, – dedi, – artıq o mənim deyil, onun qolları indi başqasının boynundadır. O incilər artıq başqasının döşlərinə səpilir, eyni zamanda onun dodaqları da başqasının dodaqlarına yaxınlaşaraq verdiyi vədələrə and içir; çünki kişilərin adəti söz verib and içmək və andını sındırmaqdır. Qadın isə acılar içində qıvrılmaq və başqasının qoynuna atılan kişini ələ gətirmək üçün çalışmaq, ümidsizliklər içində verəmləmək, intihar etməkdən başqa bir şey bacarmır. Lakin mən o qadınlardan deyiləm, verəmlənməyəcəyəm; çünki verəmli qadında intiqam almaq qüvvəti qalmaz. Mən intihar etməyəcəyəm, çünki mən aciz qadınlardan deyiləm, intihar acizlər üçündür. O məni satdı, bununla da məni mənəvi surətdə öldürdü. Mən o mənəviyyatı başqa bir kişidən ələ gətirməklə də yaşaya bilərəm. Mən indi ona olan sevgimi, ona qarşı doğan intiqam duyğularına dəyişdim”. Qətibə yerindən qalxarkən özünü çox ağır hiss etdi. O bütün ömründə birinci dəfə idi ki, belə bir ağırlığı hiss edirdi. Vücudu titrədi, “əcəba, mən qocaldımmı?” – deyərək otağa girdi, güzgünün qabağına keçib öz çöhrəsinə baxdı və öz-özünə: “Gözlərim haman qaralığında və öz acıqlı baxışlarında davam edir. Saçlarım da haman, qaşlarım da haman. Bəs göz qapaqlarının ətrafındakı mavi rəng nədir?! Gənc ikən o nişanələr gözlərimin ətrafında yox idi. Bəs o nədəndir?”. Qətibə bu sualına özü cavab verdi: “Gecələr yatmamaqdan. Səhərə qədər pəncərədən fəzaya baxaraq ulduzları saymaqdandır. Mən bir ilin içərisində fəzada üzən ulduzların hamısı ilə tanış oldum. Mənim göz qapaqlarım qaralmasın da, nə etsin? Bu gözlər səhərə qədər minlərcə ulduzları öz qərargahına ötürməklə məşğuldur. Bu gözlər üç yüz gecədir ki, ayı təqib etməklə Əlvənd dağının arxalarına yola salır. Bu gözlər bir ildən bəridir ki, gecələri bənatünnəş ulduzları ilə barabər məhv olan gəncliyin qiymətli günlərinə ağlayır”. Qətibə bir ah çəkərək öz əndamına bir daha baxdı. “Boyum, buxunum öz yerində, hələlik qocalığa boyun əyməmişəm”, – deyərək cariyəsini çağırdı və: – Şam süfrəsini düzəldin, Hüsaməddini hüzuruma çağırın! – dedi. Qətibənin şam süfrəsi Maşanrud çayına baxan bir balkonda düzəldilmişdi. Dəmavənd və Əlvənd dağlarından qopan ruzigar Fərivər nahiyəsinin çiçək qoxularını Qətibənin balkonuna gətirirdi. Qətibə saçlarını açıb çiynində tökmüşdü, Hüsaməddini gözləyirdi. Hüsaməddin gəldi, salam verib durdu. Qətibənin saçlarından qalxan ətir qoxuları Hüsaməddində Qətibəyə qarşı təzə bir zövq oyandırdı. O indiyə qədər Qətibəni bu libasda, bu gözəllikdə görməmişdi. Qətibənin geydiyi nazik ipək köynəkdən döşlərinin yarısı görünür və şamların işığında şəfəqlənirdi. O, incə və ağ əlləri ilə dizlərini qucaqlayıb oturmuşdu. Barmaqlarındakı üzüklər və döşlərindəki almaz boyunbağılar hamısından artıq Hüsaməddinin nəzərini cəlb edirdi. Qətibə ona öz yanında yer göstərdi və: – Burada otur, Hüsaməddin! – dedi. – Dərd söyləmək və sirr vermək üçün səndən başqa bir adam qalmadı. Bu gecənin nə kimi bir gecə olduğunu bilirsənmi? Bu gecə Atabəy öz qadını və öz oğlanları ilə Atabəy sarayında ziyafət düzəltmişdir. Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. Lakin sən onu bilməlisən ki, Atabəy bizim sirlərimizi ələ almışdır. O bizdən bədgümandır. Onda şübhələr və qısqanclıqlar həddindən artıqdır. Ancaq sən bundan heç bir vaxt təkan yeməməlisən. Bizim Atabəyə düşmən olduğumuzu bilsələr, minlərcə həmfikir tapa bilərik. Atabəy Həmədanda Zəhir Bəlxi və Kəmaləddini həbsə aldırmışdır. Bunların hamısı Atabəyin bizə qarşı başlamaq istədiyi hücumların zəminəsidir. Biz də vaxt ikən həyata keçirmək istədiyimiz hadisənin zəminəsini qoymalıyıq. Hüsaməddin Qətibənin nə demək istədiyini dərhal anladı, bunsuz da o, Qətibənin Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi. Bir az Hüsaməddin Qətibəyə, bir az da Qətibə Hüsaməddinə yaxınlaşmışdı. Ruzigar Qətibənin saçlarını Hüsaməddinin çiyninə səpirkən Hüsaməddin də onun qulağındakı sırğada “A. və M.” hərflərini oxuyurdu. Hüsaməddin dodaqlarını uzadıb onun ağ zanbağın yarpağına bənzəyən qulaqlarından öpərkən pıçıldadı: – Mələkənin bütün fikirlərinə şərik oluram. Ona bütün varlığımla kömək edəcəyəm. Qətibə də bunun cavabında: – O dodaqlar mənim oğlum Qütlüğün vəliəhdliyə təyin edilməsinə və Atabəydən intiqam almağa and içməlidir, – dedikdə, Hüsaməddin də onun qulağına yox, dodaqlarına pıçıldayaraq: – Bu dodaqlara and içirəm! – dedi. Qətibə bir neçə saniyədən sonra dodaqlarını onun dodaqlarından aldığı və Hüsaməddinin qolları arasından kənara sıçradığı zaman: – Mən o qolların arasına ancaq Atabəyin qollarından həmişəlik azad edildikdən sonra girə biləcəyəm, – dedi, sonra da bir ah çəkərək: – Ah, kişilərin bağladığı əhd-peymanın davamı, qadınların qolları arasından çıxıncaya qədərdir. Hüsaməddin qəti olaraq cavab verdi: – Atabəy məhv ediləcəkdir. Sizə söz verirəm! * * * XII əsrin yarısında Azərbaycan XII əsrin 2-ci yarısında xəlifə bayrağı altında hökumət süren hökmdarların ən qüvvətlisi Azərbaycan atabəyləri idi. Azərbaycan hökuməti üçün yeganə bir rəqib varsa, o da Xarəzmşahlar idi. Əlaəddin Təkiş Xarəzm hökumətinin başına keçdiyi zaman bu mübarizə daha da gücləndi. Sultan Təkiş hər nə olursa olsun, xəlifəyə təsir yetirmək üçün Bağdada yol açmalı idi. Lakin Azərbaycan atabəylərinin coğrafi mövqeyi Sultan Təkişin bu arzularına imkan vermirdi. Azərbaycan, Rey və İraqın, həmçinin coğrafi və strateji üstünlüyün atabəylər əlində olması onlara Bağdadı daima öz nüfuzları altında saxlamağa kömək edirdi. Azərbaycan atabəyləri istədikləri zaman Bağdadı işğal edər və öz dediklərini xəlifəyə dikdə edə bilərdilər. Azərbaycan atabəyləri Bağdad üzərində qazandıqları nüfuz sayəsində istədikləri zaman xəlifəni mövqeyindən düşürər və yerinə başqasını təyin edə bilərdilər. Səlahəddin Əyyubinin əhlsəlib müharibəsi ilə məşğul olması, xəlifənin ixtiyarını tamamilə Azərbaycan atabəylərinin əlinə tapşırmışdı. Xəlifənin özü üçün də Azərbaycan atabəylərinə sığınmaq əlverişli idi. Çünki Əlaüddövlənin vaxtilə xəlifələrə qarşı qoyduğu təhqirlər xəlifələrin qüvvətli bir hökumətə istinad etməsinə səbəb olmuşdu. Buna görə də Azərbaycan atabəyləri iraqlıların geniş siyasi intriqalarına baxmayaraq, paytaxtı Həmədandan Təbrizə köçürmək istəmirdilər. Çünki paytaxtın Həmədandan köçürülməsi Bağdadın qapısını qonşu hökumətlərin üzünə açmaq demək idi. Azərbaycan atabəylərinin məmləkəti şimal, cənub, qərb və ümumiyyətlə Orta Asiya məmləkətlərini idarə edən hökmdarların, Bağdad və Hindistan ilə əlaqəyə girməsinə manə törədirdi. Atabəylər yalnız siyasi nüfuz deyil, Şərqin iqtisadi açarlarını da əlində saxlamışdılar. Onlar istədikləri məmləkətin ticarət yollarını bağlayır və iqtisadi təhlükə yarada bilirdilər. Azərbaycan atabəyləri səlcuqilərin təqib etdiyi siyasəti təqib edirdilər. Səlcuqilərin tutduğu siyasi xətt-hərəkət eyni ilə köhnə midiyalıların getdiyi yol idi. Midiya hökmdarları asoriləri və gəldaniləri şimal və şərq məmləkətlərinə buraxmamaq üçün Həmədan (Ekbatan) qapılarını əllərində saxladıqları kimi, səlcuqilər də şimal-şərq hökmdarlarını cənuba buraxmamaq üçün Bağdadın qapısı sayılan Həmədanı paytaxt qərar vermişdilər. Azərbaycan atabəyləri Midiya hökmdarı Astiyaqın vaxtilə elamlar, gəldanilər, asorilər, hamorabilərə qarşı oynadığı rolu Qaraxatay, Türküstan, Xarəzm və sair məmləkətlərə qarşı oynamaqda idilər. Bütün bu səbəblər Atabəy paytaxtının Təbrizə köçürülməməsinə səbəb olmuşdu. Həmədanı Azərbaycan atabəylərinin əlindən almaq üçün başlanan qanlı müharibələr azərbaycanlıların qəhrəmanlıqları nəticəsində atabəylərin qələbəsilə qurtarmışdı. İttifaq etmiş Orta Asiya və Xarəzm hökumətləri Azərbaycan atabəylərini Azərbaycan daxilində döyməyə qərar verdilərsə də, Azərbaycan xalqının qılınclarına rast gəlib qayıtmağa məcbur oldular. Səlcuq şahzadələrinin əcnəbilər əlində alət olması nəticəsində də, Azərbaycan daxilində siyasi intriqalar yaradılır və qiyamlar baş verirdi. Nizami dövründə Azərbaycanda əcnəbi casuslar artmışdı. Bunlar hökumət idarələri və padşah saraylarını tamamilə öz əllərinə alaraq, yerli mədəniyyətin çürüməsinə, yerli dil və yerli ədəbiyyatın əcnəbi dili və əcnəbi nüfuzuna təslim olmasına çalışırdılar. Qətibənin öz ərinə qarşı düzəltdiyi sui-qəsd bu cür qarışıq və təhlükəli bir zamana təsadüf edirdi. Atabəy məmləkətləri müharibə ərəfəsində idi. İraqda istiqlaliyyət fikirləri getdikcə canlanırdı. İranda Eldəniz xanədanına qarşı oyanan hərəkət, başqa bir xanədan təşkilinə imkan yaratmağa çalışırdı. İstər iranlılar, istərsə iraqlılar Qızıl Arslan və Atabəy Məhəmmədin tədbir və qəhrəmanlığına qarşı özlərində qüvvət hiss etmirdilər. Bunun üçün də məmləkətdə Toğrulun yenidən taxta çıxarılması məsələsi qaldırılmışdı. İraq və İran ziyalıları tamamilə bu əcnəbi fikirlərin ətrafına yığılmışdılar. Xüsusən Xarəzmşahın casusu Zəhir Bəlxi Toğrulun taxta oturması üçün əlindən gəldiyi qədər çalışır və Sultan Təkişin tərəfindən buraxılan maddi yardımla tərəfdarlarına mükafat və xələt paylayırdı. Zəhir Bəlxi və Kəmaləddin həbsə alındıqdan sonra Atabəy Məhəmməd Toğrulu Gəncədən Həmədana çağırıb gözlərinə mil çəkdirməyi qərara alınca, Qətibə bunu Səba xanımın vasitəsilə xəbər aldı və dərhal Gəncəyə təcili qasid göndərərək məsələni anlatdı. Toğrul gecə ikən üç nəfər inanılmış adam ilə Gəncədən gizlincə hərəkət edib, Xarəzmşahlar məmləkətinə qaçdı. Toğrulun Gəncədən qaçmasından onun əcnəbi nüfuzuna düşdüyü, Azərbaycanın İraq, Xarəzm və İran arasında paylanması tərəfdarı olduğu ifşa edildi. Lakin Toğrul Gəncədən qaçmaqla kifayətlənməyərək, İraq vətənpərvərləri ilə yazışmaqda və Atabəy Məhəmməd hökumətinə qarşı macəra düzəltməkdə davam etdi. * * * Məhkəmə quruldu. Atabəyin oğlanlarını öldürmək üçün gedən iki nəfər və Nizamini öldürmək üçün göndərilən üç nəfər mühakimə üçün həbsxanadan çıxarılıb məhkəmə otağına gətirildi. Zəhir Bəlxi ilə Kəmaləddin həbsxanadan qaçırılmışdı. Buna görə də Həmədan qazısının rəhbərliyi ilə aparılan mühakimədə bütün günahlar Zəhir Bəlxi və Kəmaləddinin öhdəsində qaldı. Nizamiyə sui-qəsd etmək və Atabəyin oğlanlarını öldürmək üçün göndərilənlərin hamısı məsuliyyəti Qətibənin və Zəhir Bəlxinin öhdəsinə qoyub bir səslə dedilər: – Bizi göndərən Zəhir Bəlxidir. Pul vəd edən isə Atabəyin mələkəsidir. Məhkəmənin qərarına görə cinayəti həyata keçirmək üçün gedənlər edam edilməli idi. Lakin Nizaminin Atabəyə göndərdiyi məktubu oxunduqdan sonra, üç nəfər müqəssirin Atabəy məmləkətlərindən xaric edilməsi qərarı çıxarıldı. Nizami məktubda yazmışdı: “Hökmdari-müəzzəm! Mənim həyatıma sui-qəsd etmək istədikləri zənn edilən müqəssirlərin azad edilməsini rica edirəm. Onların mənim ilə heç bir düşmənçiliyi yoxdur. Nə mən onları tanıyıram, nə də onlar məni. Hərgah Atabəy ədalətlə iş görmək istəyirsə, onları bu cinayətə məcbur edənləri cəzalandırsın! Gəncə, İlyas” Atabəy Məhəmmədin son qərarı, Qətibəni paytaxtdan uzaqlaşdırmaq və Toğrulu Xarəzmdən Azərbaycana çağırıb əcnəbi intriqasına nəhayət verməkdən ibarət idi. Qətibəni paytaxtdan çıxarmaq üçün düşünülən tədbir onun oğlu Qütlüğ İnancı Rey hakimi təyin etmək və anası ilə birlikdə Rey məmləkətinə köçürmək qərarı idi. Qətibə əvvəlcə bu qərara razı oldu, lakin oğlu köçüb gedəndən sonra “paytaxtı buraxıb getməyəcəyəm” – deyə əvvəlki sözündən boyun qaçırdı. Atabəy Məhəmməd Toğrulun Xarəzmdən çağırılması məsələsini Qızıl Arslana tapşırmışdı, çünki Toğrul Qızıl Arslanın sözünə inanırdı. Qızıl Arslan Toğrula göndərdiyi məktubda yazırdı: “Əziz qardaşım! Sənə çox gözəlcə məlumdur ki, hazırkı hökmdarlıq atamız Eldənizin qılıncı və rəhmətlik anamız Türkan xatunun tədbirləri sayəsində düzəlmişdir. Belə bir zəhmətlə düzələn hökmdarlığı əcnəbilərin ayaqları altına vermək biz Eldəniz oğlanları üçün tarixi bir ləkə olub qalar. Sənin bilməyərək Zəhir Bəlxi və sair bu kimi əcnəbi nümayəndələri ilə olan dostluğun öz vətəninə qarşı bağışlanmaz bir xətadır. Sənin əcnəbi məmləkətlərə pənah aparmağına heç bir səbəb yoxdur. Səninlə Atabəy Məhəmməd arasında olan ixtilafın mənbəyi bizim üçümüzə də məlumdur. Bunu Atabəy həzrətləri lazımınca təyin eləmişdir. Buna görə də məktubumu alan kimi Təbrizə gəlməlisən. Sən bilirsən ki, rəhmətlik anamız Türkan xatun məni sizin hamınızdan artıq sevirdi. Mən səni himayə edəcəyim üçün onun qəbrinə and içirəm. Gəl Təbrizə, mənimlə barabər paytaxta gedək. Sən orada and içərsən, Atabəy də sənin toxunulmazlığını təmin edər. Əziz və səmimi qardaşın Qızıl Arslan” Məktub göndəriləndən iyirmi gün sonra Toğrul Təbrizə qayıtdı. Bir neçə gün istirahət etdikdən sonra Qızıl Arslanla barabər Həmədana yola düşdülər. Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. Toğrul öz sarayına getməyərək, Qızıl Arslanla barabər Atabəy sarayında mənzil etdi. Qətibə Qızıl Arslanın Toğrul haqqındakı hərəkətinə ürəkdən sevinirdi. Çünki Toğrul məhv ediləndən sonra Qızıl Arslan rəqibsiz qalacaq idi. Qətibə Atabəy Məhəmmədi məhv edəndən sonra Toğrulu Azərbaycan taxtına çıxarmaq və öz oğlunu vəliəhd təyin etdirmək istəyirdi. Lakin Qızıl Arslan heç bir vəchlə Qətibənin oğlunun Azərbaycan vəliəhdi olmasına imkan verməyəcəkdi; çünki o, Atabəyin oğlu Əbubəkri Təbriz sarayına gətirib hökumət işləri ilə tanış edir və gələcək üçün hazırlayırdı. Qətibəni də rahatsız edən bu idi. Onun bütün ümidləri Toğrula idi. Çünki Toğrul ilə hər cür sazişə girmək mümkün idi. Ailə bir süfrənin başına yığışmışdı. Onlar Qətibəni gözləyirdilər. Qətibə otağa daxil olan kimi Toğrul və Qızıl Arslan ayağa qalxıb təzim etdilər. Atabəy Məhəmməd də onlara qoşulub Qətibəni görürkən ayağa qalxdı, on ildən bəri yerinə yetirmədiyi vəzifəsini ifa etdi. Süfrəyə oturdular, yeməyə başlamadan əvvəl söhbətə başladılar. Qızıl Arslan sözü bu cür başladı: – Böyük-böyük məmləkətlərin neçə yüz minlərcə xalqları öz müqəddəratını bu süfrənin başında oturanların əlinə tapşırmışdır. Millətlərin arasında çıxan hər cür ixtilafı ancaq bu süfrənin başında oturanlar həll etməlidirlər. Əcəba, bu süfrənin başında oturanların arasında ixtilaf çıxarsa, kimlər həll etməlidirlər? Məmləkətin ətrafındakı düşmənlərmi? Lakin mən elə zənn edirəm ki, aralıqda elə də dərin bir ixtilaf yoxdur ki, başqalarının həll etməsinə ehtiyac hiss edilsin. Əvvəlcə qardaşımız Toğruldan başlayaq: onun narazılığı nədəndir? Onun padşahlığı əlindən alınmışdırmı? O bunu nə ilə isbat edə bilər? Əcəba, qardaşımızın özü Atabəy Məhəmmədi kəfil təyin etməmişdirmi? Bəli, etmişdir. Hərgah Atabəy Məhəmməd məmləkəti dağıtmış və uduzmuşsa, o zaman yenə də Eldəniz oğlanları bu süfrənin başında yığışan kimi bir yerə yığışıb deyər ki, qardaş Məhəmməd, indi ki, məmləkəti idarə edə bilmirsən, iş başından çəkil və hərgah o bu təklifi qəbul etməzsə, biz məcburi vasitələrə də müraciət edə bilərik. Lakin Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. Kür çayından başlayıb Dəclə və Fərat çayı sahillərinə qədər bizim nüfuzumuzun altına keçmişdir. Bağdad xəlifələri bizim nüfuzumuz altında yaşadığı bir zamanda, Azərbaycan xalqı kimi tarixi və böyük bir xalq Eldəniz oğlanlarını öz doğma hökmdarı kimi tanıdığı bir zamanda, qardaşımız Toğrulun narazılığı nədəndir? Mən sənin qardaşın deyiləmmi? İstəyirsən gəl Təbrizdə otur, mən gedib Gəncədə oturaram. Yaxud da sən gedib Gəncədə otur. Böyük qardaşımız Atabəy də saray söhbətləri və cariyə macəralarına əhəmiyyət verməməlidir. Düşmənlər sərhədlərdə bizə heç bir şey edə bilməzlər. Onlar məmləkəti içəridən çürütməyə çalışırlar. Buna görə də biz şəxsi mənfəətləri bir tərəfə buraxıb ümumməmləkətin qeydinə qalmalıyıq. Qızıl Arslan Toğrul haqqında danışandan sonra, Qətibənin məsələsinə keçərək dedi: – Qardaşım Atabəyin Azərbaycandan bir qız alması məsələsinə mən tamamilə başqa bir nəzərlə baxıram, bu izdivacın siyasi bir mündəricəsi vardır. Nə mən, nə qardaşlarım, nə də qardaşım Atabəyin mələkəsi azərbaycanlı deyilik. Qardaşımın Gözəl xanıma evlənməsi, nəslimizin Azərbaycan nəslinə qarışması deməkdir. Bu izdivacla Eldəniz nəsli azərbaycanlılaşır. Xalq bizim övladımızı öz doğma vətəndaşı və öz doğma hökmdarı kimi tanıyacaqdır. Lakin bu o demək deyildir ki, mələkənin malik olduğu hörmət və ehtiram Gözəl xanıma yetişir. Mələkə yenə də mələkədir. Gözəl xanımın oğlanları da onun oğlanlarıdır. Övladımız nə qədər çox olursa, məmləkətimiz də o qədər inanılmış adamların idarəsi altına keçər. Məmləkətlərdə başqalarını iş başına çıxarmaqdansa, övladımızı hökmdar təyin etsək yaxşı olmazmı? Mən elə zənn edirəm ki, bunların hamısı müştərək iş şəraiti olmamasının nəticəsində doğan anlaşılmazlıqdır. Biz bu süfrənin başında and içməliyik. Məmləkətin hazırkı vəziyyəti iş birliyi və fikir birliyini tələb edir. Əvvəlcə Atabəy Məhəmməd and içdi: – Mən Eldənizin və Türkan xatunun ruhuna and içib deyirəm: “Mən heç bir zaman öz qardaşlarıma qarşı xain fikirlərdə bulunmayacağam. Mən özümə tapşırılan vəzifəni qardaşlarımın məsləhət və köməkləri daxilində ifa edəcəyəm!” Atabəy Məhəmməd and içdikdən sonra Toğrul əlini süfrəyə qoyub and içdi: – “Mən Eldəniz və anam Türkan xatunun ruhuna and içirəm. Mən heç bir zaman məmləkətə və qardaşlarıma qarşı xain hərəkətdə bulunmayacağam. Mən heç bir vaxt əcnəbi müdaxiləsinə imkan verməyəcəyəm. Mən heç bir vaxt qardaşlıq namusuna xələl yetişməsinə razı olmayacağam!”. Bunlardan sonra Qətibə əlini süfrəyə qoyub and içdi: – “Mən Eldəniz xanədanının davamı üçün əlimdən gəldiyi qədər çalışacağam. Eldəniz övladından törəmiş nəsli öz nəslim və öz övladım kimi sevəcəyəm. Mən bu xanədanın şərəf və əzəmətini ləkədər edə biləcək heç bir təşəbbüsdə bulunmayacağam!” Hamıdan sonra Qızıl Arslan əlini süfrəyə qoyub and içdi və: – ”Məmləkətin nüfuzunu möhkəm etmək, Eldəniz xanədanını davam etdirmək, məmləkətin hüdudunu genişləndirmək üçün bütün varlığımla çalışmağa and içirəm!” – dedi. And qurtardıqdan sonra cariyələr içəri girib süfrəyə yemək verdilər. * * * Ölüm qərarı Atabəy Bağdada çağırılmışdı. Qətibə bu fürsətdən istifadə edərək gecələrin birində Toğrulu yanına çağırdı və Atabəy Məhəmmədin qaba hərəkətlərindən şikayətlənərək dedi: – Siz mənim nə qədər qohumcul olduğumu bilməmiş deyilsiniz. Lakin qardaşınız mənim oğlumun qarşısına təzə varislər qoymağa tələsdi. Gedib bir kəndli qızına evləndi. Mənim əzəmət və şərəfimi təhqir etdi. Nəhayət, oğlumu məndən ayırıb Reyə hökmdar göndərdi, çünki məni paytaxtdan uzaqlaşdırmaq lazım idi. Bu gün mən öz canımı götürüb buradan gedə bilərəm, lakin sizin həyatınızı onun vicdanına tapşırmağa cəsarət etmirəm. Onun süfrə başında and içməsinə inanmayın, o öz nəfsindən ötrü bütün Eldəniz xanədanını məhv edə bilər. Xüsusən o son vaxtlar olduqca əsəbiləşmişdir. Qan tökmək, göz çıxarmaq üçün bəhanə axtarır. Çıxılmaz vəziyyətdəyəm. Onu sevirəm, lakin məmləkəti və xanədanın şərəfini də sevmək lazımdır. O, hökumət başından öz razılığı ilə çəkilsəydi, mən mələkəlikdən əl çəkib, sadə və adi bir qadın kimi yaşamağa razı olardım. Məmləkət bir az da onun əlində qalarsa, məhv ediləcəyi şübhəsizdir. Onun qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. Hazırda Atabəy məmləkətlərinin bir tək müttəfiqi və dostu yoxdur. Ətrafı düşmən əhatə edibdir. Hazırda od içində yaşamaqdayıq. Atabəy isə öz inadında davam edir. Lakin biz buna soyuqqanlılıqla baxa bilmərik. Sizi bunun üçün yanıma çağırmışam. Siz ətrafınızı təmizləməli idiniz. Bağdadda sizə yazdığım məktub onun əlinə keçmişdir. O bizim bütün təşəbbüslərimizdən xəbər tutubdur. Nizamini məhv etmək və Gözəlin oğlanlarını öldürmək istədiyimizi bilmişdir. Qətibənin bu mövzu üzərində qurulmuş söhbətləri ölüm və kor olmaq təhlükəsi qarşısında duran Toğrulun düşüncələrinə tamamilə uyğun gəlirdi. Lakin o, olduqca ehtiyatlı hərəkət edirdi. Uzun dəqiqələr danışmayaraq, ancaq Qətibənin əlini tutub öpərkən: – Doğru deyirsən, ağıllı və nəcib mələkə, – dedikdə, Qətibə də bir ah çəkərək: – Ah, bu əl sizin kimi adil, nəcib və ədəbli bir hökmdarın əlində olsaydı! – dedi. Toğrul isə bir daha onun əlini öpərək: – O ixtiyar nəcib mələkənin özündən asılıdır, – dedi. Qətibə də: – Yox, o məndən asılı deyil. Atabəy Məhəmməd sağ ikən sizin buyurduqlarınız bir xəyal şəklində qalmalıdır, – dedikdə, yenə də Toğrul: – Dediklərimi arzu şəklindən çıxarıb həyat şəklinə salmaq yenə də mələkənin özündən asılıdır. Lakin bilmirəm mələkəyə inanmaq olarmı? Bu sözdə Qətibə dodaqlarını Toğrula tərəf uzadaraq: – Bu dodaqları öz sədaqətimdə möhkəm duracağım üçün gələcək hökmdarın yanında girov qoyuram, – dedikdə, Toğrul onun dodaqlarından öpdü və Qətibəni qolları arasına almaq istərkən, Qətibə onu rədd edərək: – Hələlik bu qədər. Sonrası isə əhdə vəfa edəndən sonra, – dedi. Toğrul artıq Qətibəyə inanmışdı, qəlbini ona tamamilə açmağa qərar verdi və dedi: – Gözəl mələkə, sizin ağıllı fikirləriniz üçün çoxdan bəri zəminə hazırdır. İraqlılar tamamilə bu fikirlərin tərəfindədirlər. Xarəzmşah Təkiş xan da öz ordusu ilə mələkənin fikrini müdafiə edəcəkdir. Sizin oğlunuzun məsələsinə gələndə, o da sizin istədiyiniz kimi həll ediləcəkdir. Sizin oğlunuz Sultan Toğrulun vəliəhdidir. Buna razı qalırsınızmı? – Məsələ bununla bitmir. Nizami və Fəxrəddin məhv ediləcəkdir. Atamın qətlində iştirak edənlərin hamısı və həmçinin Gözəlin oğlanları Əbubəkr və Özbək edam edilməlidir. Sonra, Hüsaməddinə əmirülüməralıq mənsəbi vermək lazımdır. – Bilmirəm, Hüsaməddinə inanmaq mümkündürmü? – Hüsaməddin bizimkidir. O, Sultan Toğrula sədaqətlə xidmət etməyə hazırlanmışdır. – Sizə inanıram, mələkə. Lakin bir az ehtiyatlı olmalısınız. – Sultan Toğrul əsas vəzifəni mələkəyə tapşıra bilər. Lakin Sultan taxta oturduğu zaman mələkəlik adı Qətibəyə məxsus olmalıdır. Sultan buna öz vicdanı ilə söz verə bilərmi? Söhbət burada bitdi, çünki Hüsaməddinin Qətibənin görüşünə gəldiyini xəbər verdilər. Toğrul vidalaşıb bir qapıdan dışarı çıxdığı zaman, o biri qapıdan da Hüsaməddin içəri girdi. Hüsaməddin qaşqabağını turşutmuşdu. O, Qətibə ilə Toğrulun əlaqəsindən şübhələnir və qısqanırdı. Qətibə bunu dərhal hiss etdi və nazlanaraq dedi: – Qaydası belədir. Kişilər qadının sevgisini hiss edərsə, qadınlığı əvəz edər, tez-tez küsər və şıltaqlıq etməyə başlar. Bilmirəm, mənim dostum nə zaman ağlını başına yığıb özünü müstəqil bir kişi kimi aparmağa başlayacaqdır? Mən burada hökmdarlıq və xanədan məsələsini həll edirəm, burada sənin üçün təzə dünya, təzə mənsəb yaradıram, sən isə yalnız şübhələrlə və qısqanclıqla oynayırsan. Hüsaməddin fikirli başını qaldırıb dedi: – Mən mələkənin Toğrul ilə olan əlaqəsindən xəbər tutmasaydım, ona inana bilərdim. – Mənim onunla nə əlaqəm ola bilər? – Onu mələkənin özü çox yaxşı bilir. Hüsaməddin bunu deyərək daha danışmadı. O, doğrudan da, Qətibənin Toğrul ilə olan əlaqəsini bilirdi. Çünki onun Bağdadda Toğrula yazdığı və Səba xanımla göndərdiyi sevgi və məhəbbət məktublarını Səba xanım əvvəlcə Hüsaməddinə göstərib mükafat almış, sonra Toğrula nişan verib mükafata nail olmuş, sonra isə Həmədanda Atabəyə göstərib Qasımabad kəndinin qəbaləsini əldə gətirmişdi. Lakin Qətibəni Hüsaməddinin şübhələri heç də düşündürmürdü. Çünki o, kişilərin nəliyini, kişilərin özündən daha yaxşı öyrənmişdi. Kişilər nə qədər kinli, qısqanc və şübhəli olursa olsun, onları iki yüngül vasitə sakit edə bilərdi. Onlardan birisi qadının göz yaşları, ikincisi də qadın dodaqları idi. Hüsaməddin, Qətibənin üzünə baxdığı zaman onun gözlərindən axan damcıların ipək donu üzərinə tökülüb parçalandığını gördü. Bir qətrə göz yaşı Hüsaməddinin qəlbindəki cəhənnəm atəşindən daha qızğın alovları dərhal söndürdü. O irəli gəlib iki əllərini Qətibəyə tərəf uzatdı və yalvarıcı bir halda dedi: – Mələkə, rica edirəm, özünüzü ələ alın, mən sizi gecənin bu vaxtında ağlatmaq üçün gəlmədim. Mənə rəhm edin, mən bu vəziyyəti görə bilmərəm: Qətibə tutqun bir səslə danışdı: – Sənin bu hərəkətlərin məni məhv edəcəkdir. Mən bilmirəm hansı bir dərdi çəkim. Sən mənə fikirlərimdə yardım vermək əvəzinə, ruhumu zəhərləyirsən. Sən məni Toğrul kimi bir ağılsıza satılacaq qədər həqirmi sandın? Əcəba, sən mənim onunla nə kimi məqsədlə yaxınlıq etdiyimi bilmirsənmi? Gəl otur. Bu gecə başqa mövzu barəsində danışacağam. Hüsaməddin oturdu. Qətibə əlini onun çiyninə qoyub and içdi: – Sənin bu varlığına and içirəm. Toğrul bizim sevgimizin müvəffəqiyyəti yolunda bir oyuncaqdır, – dedi və dodaqlarını Hüsaməddinə uzatdığı zaman soruşdu: – Bu dodaqların sahibinə sahiblənmək istəyirsənmi? Hüsaməddin: – İstəyirəm, mələkə! Bu arzular gəncliyin ilk arzularıdır, – deyə cavab verdi və onu qolları arasına almaq istərkən bu səsi eşitdi: – Atabəy öldürüləndən sonra!.. * * * Atabəy Məhəmməd öldürüldü Xarəzmşahlarla olan əlaqə get-gedə gərginləşirdi. Onların qonşularla ittifaq bağlaması, atabəyliyin ətrafında qüvvə hazırlamaları, Atabəy Məhəmmədin rahatsızlığına səbəb olmuşdu. Dörd aydan bəri Qaraxətayi, Xarəzm və Xorasan tərəflərini dolaşıb məmləkətin vəziyyəti ilə tanış olmaqda idi. Qış çox soyuq keçirdi. Atabəy səfərdən qayıtdığı zaman özünü yaxşı hiss etmirdi. Həkimlərin dediyinə görə Atabəyin ciyərləri soyuqlamışdı. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. Naxoşun halı yaxşı deyildi. Xəstənin verdiyi əmrə binaən xəstələndiyini gizlədirdilər, çünki Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox yerlərdə üsyan və qiyamlar başlayırdı. Xüsusən xəstəlik xəbərləri məmləkətin xaricində fəna təsir bağışlayır və atabəylər ölkəsinə qarşı əlaqələr dəyişirdi. Atabəy Məhəmməd Kiçik Buğanı yanına çağırıb dedi: – Görünür, bu xəstəlik çox uzun çəkəcəkdir. Mənim işlərə baş çəkə bilməyəcəyim, Toğrulun köhnə fikirlərinin təzələnməsinə səbəb ola bilər. Bu barədə ehtiyatlı olmalısan. Təcili surətdə Təbrizə çapar göndərib qardaşım Qızıl Arslanı Həmədana çağırmalısan; çünki mən iraqlıların fikrini yaxşı görmürəm. Vəzirləri mənim yanıma çağırın, xəlifə ilə münasibət məsələsini bir daha aydınlaşdırmaq lazımdır. Sizə bu gündən etibarən qəti əmr verirəm, bir nəfər də olsa məmləkətimizdən keçib Bağdada getmək istəyən Xarəzm tacirini buraxmayın, çünki onların bir çoxu tacir libasına girmiş casuslardır. Atabəy Kiçik Buğaya bir çox tapşırıqlar verdi, lakin onların həyata keçirilməsi mümkün deyildi. Çünki Qətibə və Hüsaməddin Həmədanın ətrafına müəyyən adamlar təyin etmişdi. Həmədandan Təbrizə və Bağdada gedənlərin hamısı axtarılır və həbsə alınırdı. Buğa tərəfindən Təbrizə Qızıl Arslana məktub aparan qasid yolda tutulub Hüsaməddinin adamları tərəfindən öldürüldü. Atabəy vəzirlərini yanına çağırsa da, Qətibə: “Xəstəni rahatsız etməyin” – deyə, heç bir kəsi saraya buraxmırdı. Atabəyin həkimi bir daha gəlib xəstəliyi yoxladı və təcili surətdə qan götürülməsini əmr etdi. Qətibə Atabəyin yatağının yanını kəsib oturmuşdu. Dəllək gəlib qan götürdü. Qan götürəndən iki saat sonra Qətibə ağlaya-ağlaya Atabəyin otağından çıxdı. Əyanlar, vəzirlər Atabəyin səhhətini soruşmaq üçün böyük salona yığışmışdılar. Qətibə onlara müraciət edərək: – Qızıl Arslan işini işlədi. Atabəyiniz öldü, – dedikdə, həkim təəccüb edərək tələsik içəri girdi; çünki o, iki saat əvvəl Atabəyin ürəyini və nəbzini adi halında görmüşdü, onda ölüm nişanələri yox idi. Həkim meyiti yoxladığı zaman onun yaşıl rəng aldığını görincə, vəzirlərə müraciət edərək: – Dəlləyi tez tapıb gətirin! Atabəydən zəhərlənmiş ülgüclə qan götürülmüşdür! – dedi. Lakin həkim, dəlləyin üzünü görüb onu istintaq etməyi bacarmadı, çünki sirr açılmasın deyə Qətibənin tapşırığı ilə dəllək saray qapısına gətirilmədən edam edilmişdi. Qızıl Arslan ölümdən xəbər tutmadan, iraqlıların və Xarəzmşahın Atabəy paytaxtı ətrafında yığışmış casusları işə başladı və öz namizədləri olan Toğrulu taxta qoymaq üçün hazırlıq gördülər. Onlar dərhal Nəsirəddinbillah xəlifənin yanına bir heyət göndərdilər. Atabəy Məhəmmədin ölümünü ona xəbər verdilər və eyni zamanda Toğrulun taxta oturmasını rica etdilər. Atabəy Məhəmmədin ölüm xəbəri Bağdad saraylarının bayramına və şadlığına səbəb oldu. Xəlifə, yaxasının Atabəy Məhəmmədin əlindən qurtarmasilə fəqirlərə ehsan payladı. Nəhayət, Toğrula bir xələt göndərməklə onun şahlığını təsdiq elədi. Cənazə qalxandan beş gün sonraya qədər Həmədandan kənara bir quş uça bilmədi və xarica xəbər aparmağa imkan verilmədi. Nəhayət, Həmədana toplanmış əcnəbi casusları Toğrulu taxta çıxarıb başına tac qoydular. Qətibə isə Hüsaməddin və Toğrulu yanına çağırıb Bağdad və Xarəzm qoşunlarını götürüb Azərbaycana hücum edilməsi və Qızıl Arslanı həbs etməklə yerinə başqa birisinin təyin edilməsini təklif etdi. Bu təklifə birinci olaraq Toğrul etiraz edərək: – Bu iş yaramaz, – dedi. – Qızıl Arslanı həbsə almaq üçün bütün Şimali Azərbaycanı həbsə almaq lazımdır. Çünki Atabəyin sağlığında da Şimali Azərbaycan xalqı ancaq Qızıl Arslanı tanıyırdı. Qətibə Toğrulun son sözlərinə cavab olaraq: – Heç olmazsa Qızıl Arslan həbs edilməlidir, çünki o sağ qaldıqca, Təbrizdə azad hökumət sürdükcə, Şimali Azərbaycan mərkəzi tanımayacaqdır. Hər nə olursa olsun, Şimali Azərbaycandan qırx-əlli nəfər həbsə alınmalı və cəzalandırılmalıdır; çünki Nizamilər, Fəxrəddinlər qaldıqca, bizim Şimali Azərbaycanı itaət altına gətirə biləcəyimiz mümkün olmayacaqdır. Toğrul yenə də etiraz etdi: – Nizamilər və Fəxrəddinlər daima Atabəy Məhəmmədin siyasətinə qarşı mübarizə aparırdılar. Mən elə bilirəm ki, biz məmləkəti ədalət və qanun daxilində idarə edə bilsək, Şimali Azərbaycan xalqı heç bir vaxt öz hökumətinin əleyhinə olmaz. Fəxrəddinlərə gəldikdə, o kimi adamlar bir zaman bizə günəş və su kimi lazım olacaqlar. Toğrulun fikirlərini Hüsaməddin də təsdiq edərək Qətibəyə dedi: – Fəxrəddin və Nizami ilə olan düşmənliyiniz artıq öz əhəmiyyətini itirmişdir. Siyasət bəzən ata və oğul qanından sərfnəzər etməyi də məsləhət görür. Sizin mərhum atanızın qatili Fəxrəddin deyil, bütün Şimali Azərbaycan xalqıdır, bu bir, ikincisi, biz Atabəydən sonra Şimali Azərbaycan xalqına və onun sevimlisi olan Qızıl Arslana qarşı düşmən hərəkətə başlasaq, əleyhimizə çevrilən şayiələri təsdiq etmiş olacağıq. Hər şey öz vaxtında lazımdır. Hər şey əlverişli fürsət tələb edir. Siz bir ay əvvəl ələhəzrət Toğrulun taxta otura biləcəyini fikrinizə gətirə bilməzdiniz. Lakin fürsət ələ keçdiyi zaman ələhəzrəti Azərbaycan və İraq taxtında görməkdəyik. Nizamiyə gəldikdə, mən onu gənclikdən tanıyıram. O, heç bir zaman məmləkətin səadəti əleyhinə olmamışdır. Sizinlə onun arasında mövcud olan düşmənlik ancaq bir sevgi nəticəsində idi. Burada Nizami haqlı idi, çünki Nizami sizə sevgi elan etməmişdi. Sevgini siz elan etmişdiniz. Qəbul edib-etməmək ixtiyarı onda idi. Bunlar keçibdir, hazırda Qızıl Arslana bir məktub göndərərək qardaşının ölümünü ona bildirək. Onu Həmədana çağırıb hörmət göstərmək və ələhəzrətin tac-taxtına sədaqət göstərməsi üçün təminat almaq lazımdır. Bu qərar qəbul olundu. Qızıl Arslana məktub göndərmək işi ölən Atabəyin qadını olmaq münasibətilə Qətibə xatuna tapşırıldı. Qətibə məktubu düzəltdikdən sonra Toğrula və Hüsaməddinə oxudu: “Həşəmətmaab! Ailəmizə üz verən böyük və bədbəxt facieni sizə bildirməyə məcbur oldum. Düşmənlər böyük qardaşınız Atabəy Məhəmmədi bizim əlimizdən aldılar. O xəstələnmişdi, xəstəliyi o qədər də ağır xəstəlik deyildi. Həkim qan götürülməsini məsləhət gördü, dəllək çağırıb xəstədən qan götürülməsinə əmr etdik. Lakin düşmənin əl altından işləməsi bizə məlum deyildi. Qan götürüləndən iki saat sonra xəstənin halı dəyişdi. Artıq danışa bilmədi, ancaq Toğrulun taxta oturmasını və sizin öz yerinizdə möhkəm durmağınızı deyib dünyadan getdi. Həkimlərin təyin etdiyinə görə dəlləyin ülgücü zəhərli ülgüc idi. Buna görə də qatil dərhal edam olundu. Qardaşınızın başına gələn bu fələkət bütün xanədanımızın başına gələn bir fələkətdir. Bu müsibətdə cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. Əlbəttə, siz dünya görmüş və aqil insansınız. Ölüm hamı üçün vardır. Lakin Atabəyə qarşı düzələn bu sui-qəsd bir şəxsin həyatına deyil, bütün məmləkətin əleyhinə düzələn bir sui-qəsd idi. Bu münasibətlə kəmərinizi möhkəm bağlamalı və məmləkətin mühüm bir hissəsini idarə etdiyiniz üçün ehtiyatlı olmalısınız. Həşəmətmaaba bunu da xatırlatmaq istəyirəm ki, aralıqda bəzi şayiələr gəzməkdədir. Düşmənlərimiz bu qanın izini itirmək üçün sizin də adınızı çəkirlər. Buna görə də sizin Həmədana təşrif gətirməyiniz və ələhəzrət Toğrul ilə görüşüb, onun taxt-tacına gələcəkdə sədaqət göstərəcəyinizə dair təminat verməyiniz lazımdır. Ancaq iki qardaşın hökuməti məhəbbət və sədaqətlə idarə etməsi nəticəsində, bədbəxt olan qardaşınızın düşmənlərini və bu ölümün baislərini zahirə çıxarmaq mümkün olacaqdır. Xəlifədən gələn fərman və İraq xalqının müttəfiq iradəsi nəticəsində ələhəzrət Toğrulu Azərbaycan taxtına əyləşdirdilər. Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və ələhəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız. Ələhəzrətin rəsmən cülus edəcəyi gündə iştirak üçün Azərbaycandan nümayəndələr gəlməsinə lütfən diqqət verəsiniz. Həmədan, Qətibə xatun” Məktubu Hüsaməddin və Toğrul həddindən artıq bəyəndilər. Məktubu aparmaq və Qızıl Arslana təziyət vermək üçün bir heyət təşkil edib göndərdilər. Lakin bu məktubu göndərdikdən sonra yenə də Qızıl Arslan əleyhinə düzələn böhtan və şayiələrin arası kəsilmədi. Qətibənin tələbinə görə Toğrul Həmədanda məsul işlərdə olan azərbaycanlıları Atabəyin qətlində iştirak etmələri ilə töhmətləndirib həbsə aldırır və Qızıl Arslanın gələcəkdə tac-taxtdan məhrum edilməsi üçün zəminə hazırlayırdı. Qızıl Arslan Qətibənin məktubunu almadan qabaq Atabəyin qəfildən ölməsi xəbərini eşitmişdi. Hadisənin əsas mündəricəsi Qızıl Arslan üçün aydın idi. Buna görə də Həmədana getməyə tələsmədi və Qətibənin məktubunun cavabında yazdı: “Möhtərəm mələkə! Xanədanımıza üz verən müsibətin ağırlığını mələkənin hiss etdiyi qədər hiss edirəm. Bu barədə sizə şəxsən bəyan-təziyət etməyim lazım gəlirsə də, mərhum Atabəyin ölüm xəbəri münasibətilə məmləkətdə baş verən bəzi dedi-qodular, Həmədana gəlməyimə imkan vermədi. Hələlik Təbrizdən ayrılmaq ələhəzrətin hökuməti üçün məsləhət deyildir. Bunu Toğrul həzrətlərinə söyləməyinizi rica edirəm”. Məktub çox qısa və etinasız yazılmışdı. Qızıl Arslan Toğrulun cülus gününü təbrik etmək üçün Azərbaycandan bir nəfər də olsa göndərmədi. Çünki Azərbaycanda Toğrulun bir əcnəbi nümayəndəsi olduğuna dair geniş şayiələr gəzirdi. Qızıl Arslan Həmədanda oynanılan oyunların xaricilərin təsiri altında yaradıldığını beş barmağı kimi bilirdi. Buna görə də məmləkətin xilası üçün Cənubi və Şimali Azərbaycanda ciddi hazırlıq görməyə başlamışdı. Qızıl Arslan bu hazırlıqla paytaxta təsir yetirmək və Toğrulu qorxutmaqla əcnəbilərin himayəsindən ayırmağı düşünürdü. Xüsusən onun əleyhinə şayiə buraxılması və nəticədə Həmədanda olan azərbaycanlıların Qızıl Arslan tərəfdarlığı ilə töhmətləndirilib həbsə alınması Qızıl Arslanın mənliyinə olduqca fəna təsir bağışlamışdı. Əvvəlcə Qızıl Arslan Cənubi və Şimali Azərbaycanın mərkəzlə olan əlaqəsini tamamilə qırdı. Azərbaycan artıq paytaxt olaraq Təbriz şəhərini və bir hökmdar kimi Qızıl Arslanı tanıdı. Toğrul bu vəziyyəti gördüyü zaman təşvişə düşdü. Zira Azərbaycan olmadan Azərbaycan Atabəyi namına təşkil edilmiş bu səltənət, o qədər də uzun yaşaya bilməyəcəkdi. Lakin Toğrul Qızıl Arslanla anlaşmaq əvəzinə, Azərbaycanda nüfuza malik olan tək-tək adamlarla anlaşmaq və əlaqəyə girməyi düşündü. Əvvəlcə Fəxrəddinə belə bir məktub göndərdi: “Möhtərəm Fəxrəddin! Xudavəndi-aləmin köməyi, peyğəmbəri-zişənimizin mərhəməti, xəlifəyi-ruh-zəminin mübarək iradəsi nəticəsində Azərbaycan səltənəti öz həqiqi varisinin əlinə yetişdi. Hazırda Azərbaycanda yaşayan bütün sadiq təbəələrin öhdəsinə müqəddəs bir vəzifə düşür ki, o da hökmdarla birlikdə əl-ələ verib məmləkət xalqının səadətinə çalışmaqdan ibarətdir. Sizin nəsliniz öz qəhrəmanlığı və hökumət qanunlarına sadiq qalmasilə məşhurdur. Buna görə də sizə öz yanımda məsul bir xidmət vermək və sizinlə birlikdə xalqın səadəti uğrunda çalışmağı qərara almışam. Sizin həyatınızı təmin etmək üçün bir hökmdar kimi söz verirəm. Məktubun cavabını məktubu gətirən qasidlə göndərin. Toğrul” Toğrul Fəxrəddinə göndərdiyi məktubla bərabər böyük şair Nizamiyə göndərdiyi məktubunda yazırdı: “Möhtərəm şair! Sizə səmimi salam göndərməklə özümü xoşbəxt hesab edirəm. Bütün şad və məsrur dəqiqələrimi sizi xatırlamaq və sizin filosofanə əsərlərinizi oxumaqla keçirmişəm. Xudavəndi-aləm şahiddir ki, Şirvan xaqanı Əbül Müzəffərin sizin yazdığınız “Leyli və Məcnun” dastanına əhəmiyyət verməyib, sizi mükafatlandırmaması mənim xaqana qarşı olan məhəbbətimin azalmasına səbəb oldu. Böyük şair bununla ruhdan düşməməlidir, çünki hökmdarların keçirdiyi dəqiqələrin hamısı bir rəng və bir mündəricədə ola bilməz. Hökmdarların şadlığı və qəmginliyi məmləkətin vəziyyətindən və hadisələrin mündəricəsindən asılıdır. Ola da bilər ki, xaqanın bir hadisə nəticəsində kədərləndiyi dəqiqələrdə, yazdığınız qiymətli əsərinizi ona təqdim etmişsiniz. Mən çox arzu edərdim ki, böyük şair mənim üçün “Fərhad və Şirin” dastanını nəzmə çəkəydi. Dastan yazmaq və xalqların qəhrəmanlıq tarixini inandırıcı bir surətdə vermək üçün ancaq sizin sənətinizin qüvvəti çatar. Böyük şairi, özünün təsəvvür edə bilmədiyi bir surətdə mükafatlandırmağa and içirəm. Toğrul” Nizami Toğrulun məktubunu alandan bir neçə gün sonra Qızıl Arslandan da bir məktub aldı. Şair həddindən artıq sevindi, çünki Qızıl Arslanın yazdığı məktublar, heç bir zaman şəxsi və adi mövzular üzərində qurulmazdı. O, elmi və siyasi işlər üçün şairlə məktublaşardı. Qızıl Arslan məktubunda yazırdı: “Bir neçə müddətdir ki, böyük şairlə yazışmaqdan məhrum olmuşam. Siz bilirsiniz ki, mən qadınlar haqqında tamamilə başqa bir fikirdə idim. Hərgah yadınızdan çıxmamışdırsa, keçən payız göndərdiyim məktubların birisində Firdovsi şairin qadınlar haqqında fikrinə etiraz yazmışdım. Doğrusu, mən Firdovsinin “Zənü əjdaha hər dü dər xak beh; cahan pak əz in hər dü napak beh” kimi şerlərini o zaman heç bir vəchlə həzm edə bilmirdim. Buna görə də siz haman məktubun cavabında: “Mən sizin bu fikrinizin əleyhinəyəm. Əsərlərimdə qadınlardan qəhrəmanlar, hökuməti idarə edə biləcək iqtidarlı simalar yaradıram” – deyə qadının cəmiyyətdəki vəzifələrindən geniş bir surətdə bəhs etmişdiniz. O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. Mən o zaman düşündüm ki, bir şairin, bir yazıçının şüuruna başqasının fikrini yerləşdirmək xam xəyallardandır. Lakin Atabəy Məhəmmədin ölümü məsələsi məni yenə də əvvəlki fikrimin üzərinə qaytardı. Zənn edirəm bu qətlin təşkil edilməsi tarixini lazımınca öyrəndiyiniz zaman tamamilə mənim fikrimin üzərinə qayıdacaqsınız. Qətibəni bizim hansı birimiz tanımırdıq?! Hətta mənim bədbəxt qardaşım Atabəy Məhəmməd də evləndiyi gündən onu tanımağa başlamışdı. Lakin biz kişilər, daima qadınların sevgi və gözəllik pərdəsi altında gizlədilmiş tələsinə və tilsimine düşürük. Hətta bəzən bunu bilə-bilə aldanırıq. Hərgah şairin qəlbinə toxunmazsa, mən bir həqiqəti söyləmək istərdim. Zənn edirəm ki, şairlərin həqiqətdən acığı gəlməz. Mənə elə gəlir ki, Qətibə xatun qızlıq zamanı şairə sevgi elan etdiyi zaman, şair başqasının tilsiminə düşmüş olmasaydı, Atabəy Məhəmmədin düşdüyü tilsimə düşəcəkdi. Özünüz təsəvvür edin, kişilərin varlığında həqiqəti qadının zahiri görünüşündən aramaq xasiyyəti yoxdurmu? Möhtərəm şair! Yaxşı bir düşünün, görün sizin qəhrəman və hökumət idarəçisi simasında bəzəyib bizə təqdim etdiyiniz qadın bizim başımıza nə fələkət gətirdi! Qətibə öz şəxsi inadı nəticəsində bir xanədanı tamamilə məhv etmək oyunlarına başlamışdır. O, bir tərəfdən Bağdad ilə Atabəy Məhəmmədin əleyhinə saziş düzəltmiş, o biri tərəfdən də Xarəzmşah Təkiş xanla bir müqavilə düzəltmişdir. O, Toğrul ilə razılaşaraq, Atabəy Məhəmmədi öldürmək və Toğrulu taxta oturtmağı öhdəsinə götürmüş imiş. Bunun müqabilində isə Toğrul ona evlənəcək və hazırda Rey hakimi olan Qütlüğ İnancı vəliəhd elan edəcəkdi. Qətibə məmləkəti bölüşdürmək üçün İraq vətənpərvərləri ilə də əlaqəyə girmiş və paytaxtın Həmədandan köçürülməsinə imkan yaratmışdır. Möhtərəm şair bilməlidir ki, bu qadının gələcəyi Azərbaycan üçün çox qorxuludur. Toğrul vaxtilə Atabəy Məhəmmədə güzəştə getdiyi vərasət haqqını indi də Qətibəyə güzəştə getmişdir. Hazırda bu fəlakətin nəticəsində Azərbaycan ən qorxulu günlər keçirməkdədir. Onlar qapıları açıb düşmənləri bu məmləkətin içərisinə buraxmaq istəyirlər. Bu günlər paytaxta gedirəm, Toğrul və Qətibə məni paytaxta dəvət eləmişdir. Gedirəm, lakin Toğrulun əlini öpmək üçün yox. Mənim bütün səy və tələşım Qətibəni paytaxtdan uzaqlaşdırmaqdan ibarət olacaqdır. Hərgah bir az təxir etsəm, məmləkət xarəzmlilərlə iraqlıların arasında təqsim olunacaqdır. Sizə ikinci məktubumu Həmədandan yazacağam. Həmədandan mənə xəbər verildiyinə görə Toğrul sizə məktub göndərib “Fərhad və Şirin” dastanını yazmağı təklif etmişdir. Lakin o, göndərdiyi məktubunda azərbaycanlılarla əlaqəyə girməyi düşünmüşdür. Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. Lakin haman əsəri yazmağınızı tövsiyə edirəm. O əsər sizin yaradıcılığınızda ən birinci əsər ola bilər; çünki sizin təbiətinizdə sevgi və nəsihət mövzuları üçün inkaredilməz bir xüsusiyyət vardır. Hazırda başım elə qarışıqdır ki, elmi və bədii mövzulara vaxt ayırmağı bacarmıram. Lakin Toğrulun sifariş verdiyi “Fərhad və Şirin” dastanı haqqında bir neçə söz yazacağam. Mənə elə gəlir ki, dastanın sərlövhəsini “Fərhad və Şirin” deyil, “Xosrov və Şirin” qoymaq lazımdır. Çünki Fərhad-Şirin mövzusu o qədər də geniş bir mövzu deyildir. Zənnimə görə, Xosrov-Şirin mövzusu daha geniş mövzudur. Burada cəbhə o qədər genişdir ki, şairin təbi istədiyi qədər at oynada bilər. Xüsusən siz bunu başqa dastanlarınızda da göstərə bilmişsiniz. “Xosrov və Şirin” dastanında məmləkətdarlıq və rəiyyətpərvərlik üçün lazım olan mövzuların hamısını yerləşdirə bilərsiniz. Orada hökmdarların zülmündən, zülmün nəticələrindən və sairlərdən istədiyiniz qədər yaza bilərsiniz. Eyni zamanda, səmimi sevgini Xosrovda deyil, bədbəxt Fərhadda göstərə bilərsiniz. Şübhəsiz ki, bunlar mənim öz düşüncəmdir. Şairə heç bir göstəriş vermək xəyalında deyiləm. Şair çox yaxşı bilir ki, mən heç bir zaman şəxsi işlərimdən ötrü sizə zəhmət verməmişəm. Lakin bu məktubda məmləkət və vətən namusunu nəzərdə tutaraq sizə zəhmət vermək istəyirəm. Azərbaycanlılar mənim Həmədan səfərimdə iştirak etməlidir. Biləks, iraqlılar və xarəzmlilər bizi ən yaxın bir zamanda Bağdad qapılarından və Azərbaycanın tarixi paytaxtından qovacaqlar. Siz bilirsiniz ki, biz İraq və Həmədanı itirməklə Azərbaycanı müstəqil yaşada bilmərik. Bu bizim üçün siyasi və iqtisadi bir ölüm deməkdir. Əvvəla, Həmədan Azərbaycandır. Onlar dil etibarilə də bizimdir. İkincisi də, biz Bağdad qapısından çəkilərsək, o zaman Azərbaycan şimal və cənub ticarətinin vasitə mərkəzi olmaq əhəmiyyətini itirəcəkdir. Mənim Həmədana azərbaycanlıların qüvvətilə getməyim lazımdır. Bu qüvvət yanımda olduğu zaman müvəffəqiyyət qazana bilərəm. Biləks onlar məni həbsə aldıra bilər, məhv edər, kor da edərlər. Rica edirəm, siz bunu Fəxrəddinə anladın... Təbriz, Qızıl Arslan” * * * Aldanış Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. Qətibə Hüsaməddinə, Toğrul isə Qətibəyə verdiyi vədələrə əməl edə bilmədi. Toğrul öz sarayına çəkilib hökumət işləri ilə məşğul idi. Qətibə onunla görüşməyə imkan tapa bilmirdi. Toğrul bütün qüvvətilə Qətibənin gözünə görünməmək və öz iradəsini onun təsirindən qurtarmağa çalışırdı. Toğrul heç bir vaxt Qətibənin nəsihətlərini eşitmək və ona əməl etmək istəmirdi. Toğrul nə qədər sərxoş və əyyaş bir hökmdar olursa olsun, eyni zamanda məmləkətinə etdiyi xəyanəti müəyyən çərçivədən kənara çıxarmaq xəyalında deyildi. Toğrul öz ailəsini Həmədana köçürmüş, oğlu Məlikşahı vəliəhd etmiş və Qətibəyə evlənməklə onun oğlu Qütlüğü vəliəhd elan edəcəyinə dair verdiyi əhd-peymanı tamamilə unutmuşdu. Qətibə nə qədər çalışdı isə Toğrulu azad bir yerdə görüb sözlərini deyə bilmədi. Nəhayət, o xəstələndiyi üçün, Toğrula belə bir məktub göndərdi: “Əlahəzrət! Ağır surətdə xəstələnmişəm. Bəzi işlərimdən ötrü əlahəzrəti görmək istərdim. Qətibə xatun” Toğrul doğrudan da onu xəstə hesab edərək, Atabəy sarayına gəldi. Lakin saraya gələndən sonra, onun cismani xəstəliyə yox, siyasi xəstəliyə tutulduğunu gördü. Qətibə Toğrulu gördüyü zaman şiddətlə ağladı, lakin göz yaşlarının Toğrula təsir etmədiyini, ondan təskin, təsəlli və nəvazişlər eşitmədiyini görincə daha ağlamadı. Göz yaşı bir silah olaraq Toğrula əsər etmədiyindən bütün kin və inadını gözlərinə yığıb Toğrulu süzdü: – Mənim gözlərimin içinə yaxşı bax, – dedi, – görünür ki, sən məni yenə də lazımınca tanımadın. Bir qadın səni taxta oturtmağı bacararsa, taxtdan düşürməyi də bacarar. Sən bu sözləri daima qulağında saxla. Mən olmasaydım, sən yenə də Atabəy Məhəmmədin əlinə göz dikəcəkdin. Səni əlahəzrət mərtəbəsinə çıxaran mən oldum. Biləks, sən yenə də haman səfil və haman sərxoş idin. Nankor! Sən bu dodaqlara and içməmişdinmi? Sən mənim oğlumun vəliəhd elan ediləcəyinə vədə verməmişdinmi? Mən sənin üçün nələr etmədim... Mən olmasaydım, səni xəlifə Nəsirəddinbillahın qapısından içəri buraxardılarmı? Mən olmasaydım, Atabəy Məhəmməd sənin gözlərinə mil çəkdirməmişdimi? O gözlər mənə minnətdardır. Sən heç utanmayaraq, yenə də mənim gözlərimə baxırsan. Mənim mükafat verdiyim zaman əlim çox açıqdır. Lakin mükafatı geri aldığım zamanda da həddindən artıq xəsisəm. Sən, Bəhram şahla, Xarəzmşahlar və iraqlılar ilə bağladığımız müqaviləyə əməl etməlisən. Onlara verilən vədə yerinə yetirilməlidir. Dodaqlarıma içdiyin anda əməl olunmasını tələb edirəm. Toğrul qəhqəhə ilə gülərək, Qətibəyə cavab verdi: – Sərxoşluqda danışılan sözləri ayıq ikən xəyala gətirməyin özü də bir sərxoşluqdur. Bir dəfə sən mənim, bir dəfə də mən sənin dodaqlarından öpdüm. Gözəl qadın, qızğın şəhvət və qırmızı şərabın qarşısında verilən vədələrin nə kimi bir etibarı ola bilər? Onda mən səfil idim, indi isə əlahəzrətəm. Onda sən möhtəşəm bir mələkə idin, indi isə aldanmış və ərini öldürmüş bir qadınsan. Həm də yalançısan. Sən xatırla, gör mən səni son dəfə öpdüyüm zaman nə demişdin? – Mən sənə heç bir söz dəməmişdim. – Əcəba, sən bu qədər yüngül bir qərarı yadından çıxardığın halda, mən o qədər böyük vədləri unutmağa haqlı deyiləmmi? – Mən verdiyim vədələri heç bir zaman unutmaram. – Sən mənim qollarımın arasından sıçrayıb çıxdığın zaman “dalısı sonra” dəməmişdinmi? – Demişdim. – Hələ o “sonra”nın vaxtı gəlməmişdirmi? – Xeyr, hələlik gəlməmişdir. Əcəba, öz ərimi öldürüb səni taxta əyləşdirməyim kifayət olmadımı? – Taxta əyləşmək kifayət deyil, taxtı özümə təhkim etmək üçün yenə də çalışmaq lazımdır. Qızıl Arslan hələ diridir. Bu gün mən səninlə izdivac edər və oğlunu Azərbaycan vəliəhdi elan edərsəm, sabah xalq Atabəy Məhəmmədin qanının məsuliyyətini mənim öhdəmdə qoyub bu məmləkətdən sürgün edər. O zaman sənin mənə verdiyin taxt-tacın ömrü çox az olar. Sənə sual verirəm: biz bu tezliklə evlənərsək, bu tezliklə sənin oğlunu vəliəhd elan edərsək, Qızıl Arslan buna nə kimi bir nəzərlə baxa bilər? Bizim bu izdivacımız Qızıl Arslana qarşı bir ittifaq kimi təbir edilməzmi? Sən bu tələsməklə Şərqdə ikinci bir rüsvayçılığa səbəb ola bilərsən. Sən heç bir vaxt mənə minnət qoyma. Hərgah mən bu taxt-taca sahibləndimsə, öz həqiqi irsimə sahibləndim. Sən “Toğrula taxt-tac verdim” – deyə məğrur olma! Sən bir xanədanın başçısını məhv etdin. Mən sənin məmləkət düşmənlərinə verdiyin vədələrə vəfa edə bilməyəcəyəm. Tutaq ki, Fars və Kirmanı Bəhram şaha verdik, bir saatlığa sənin sözünə baxıb Xorasan və Mərvi Xarəzmşahlarına güzəştə getdik, Mosil, Həmədan və Bağdad qapılarına qədər iraqlılara bağışladıq. O zaman bu taxt-tacı harada qurmalıyıq? Qətibə heç düşünmədən: – Azərbaycanda! – dedi. – Azərbaycan bizim deyil. Orada Qızıl Arslan kimi hökmdar vardır. O bir dəfə “atlanın!”, – desə, Azərbaycandan yüz min atlı səfərə çıxar. Mən inkar etmirəm. Sən qardaşımı öldürdün, onu bizim əlimizdən aldın. Yerində isə Toğrulun oturmasına səbəb oldun. Lakin onu bil ki, Toğrul heç bir zaman Atabəy Məhəmməd ola bilməyəkdir. Mən onu öz yerimdə qoyduğum zaman onun məmləkət üçün dəyərli bir hökmdar olduğunu nəzərə almışdım. Lakin iki şey məni onunla dostanə yaşamağa qoymadı: biri həsəd, ikincisi isə, bu məmləkətin düşmənləri. İndi özün yaxşı mülahizə et, sənin özün o düşmənlərin cərgəsində deyilsənmi? Sənin məmləkətə vurduğun zərbəni nə iraqlılar, nə də xarəzmlilər vura bilməzdi. Mən səndən çox rica edirəm ki, mənim taxt-taca yetişməyimə kömək etdiyini xatırlatdığın zaman qardaşımı öldürdüyünü tez-tez xatırlatma. Bu, bizim dostluğumuzun pozulmasına səbəb ola bilər, çünki o mənim əziz qardaşım və anamın oğlu idi. Biz bu məmləkəti onun qılıncının sayəsində ələ gətirmişdik. Qətibə Toğrulun danışdıqlarına çox böyük əhəmiyyət verdi, çünki bu sözlərlə Toğrulun onu təhdid etdiyini anlayırdı. O bu təhdiddən təkan yedi, çünki Toğrul onu qardaşının qətlində töhmətləndirib məhv etdirə də bilərdi. Lakin Qətibə onun: “Mənim qardaşımı öldürdüyünü tez-tez xatırlatma, bu bizim dostluğumuzun pozulmasına səbəb ola bilər, çünki o mənim qardaşım və anamın oğlu idi” – deməsini cavabsız qoya bilmədi və istehza ilə: – Əlahəzrət zəhərli ülgücü hazır etdiyi zaman Atabəyin qardaşı və anasının oğlu olduğunu düşünməli idi, – dedi. Qətibənin bu sözündən sonra Toğrul söhbətin ahəng və mündəricəsini tamamilə dəyişdi: – Əvvəla, bu cinayət sənin və ya mənim tərəfimdən baş versə də, bir xəyanətdir. Çünki biz bununla nə şəxsi, nə də ümumi vəziyyəti dəyişdirə bilməzdik. Lakin xəyanət həyata keçəndən sonra bizim bir-birimizi təqsirləndirməyimiz hər ikimizin məhvinə səbəb ola bilər. Qətibə onun sözünü yarımçıq qoyaraq: – Bunun üçün vədələrə vəfa olunmalıdır, – dedikdə, Toğrul cavabında: – Bu ancaq, vəziyyət tamamilə təmin ediləndən sonra mümkündür, – dedi. – Əcəba, sənin əlahəzrətlik mərtəbəsinə yetişdiyin, vəziyyətin təmin olunması kimi mənə edilmirmi? – Xeyr, edilmir, çünki hələlik Qızıl Arslanın nə düşündüyü məlum deyildir. Hər şey bu vəziyyət aydınlaşandan sonra bəlli olacaqdır. Vədələrim yerində qalır, həyata keçirilməsi üçün əlverişli bir zaman gözləməliyik. O dodaqlara and içmişəm, yenə də içirəm. Toğrul bunu deyərək, dodaqlarını Qətibənin dodaqlarına dayadı, lakin hər iki dodaq bir-birini aldatmaq istədiyini bilirdi. O dodaqlar bir-birindən ayrıldığı zaman titrəyirdi, o titrəyişlər bir məna və bir mündəricə daşıyırdı. O dodaqların ikisi də bu sözü deyirdi: “Nə qədər ki, sən sağsan, mən diri qala bilməyəcəyəm”. * * * Qətibə Toğrul ilə münasibəti aydın elədikdən sonra özünün tamamilə aldandığını və böyük səhv buraxdığını anladı. O, başqalarını öz məqsədinə alət etmək istərkən, özünün ucuz bir alət olduğunu hiss edərək hönkür-hönkür ağladı. Lakin gec idi. O bir daha Atabəy Məhəmmədi dirildə bilməyəcək idi. Bir daha böyük bir padşahlığın mələkəlik şərəfini mənimsəməyi bacarmayacaqdı. Onun istinad edəcəyi bir kimsə qalmamışdı. Onun ümidi iki nəfərə idi: onlardan birisi Hüsaməddin, o birisi də azad etdiyi cariyəsi Səba xanım idi. Lakin Hüsaməddin ondan küsmüş, Səba xanım isə Atabəy Məhəmmədin ona bağışladığı Qasımabad malikanəsində oturub özü üçün saray tikdirməklə məşğul idi. Hüsaməddin tamamilə Toğrul tərəfinə keçmişdi. Toğrulun silahlı qüvvələri tamamilə Hüsaməddinin əlində idi. Qətibənin ona təkrar-təkrar: “Ancaq Atabəyi öldürəndən sonra məni öz qollarının arasında görəcəksən” – deyə verdiyi vədələr yalan çıxmışdı. Onun Toğrula ərə getmək istədiyini bildiyi zamandan bəri Hüsaməddin Qətibədən kənar çəkilmiş və ona qarşı intiqam hissləri bəsləməyə başlamışdı. Qətibə vəziyyəti düşündüyü zaman, Hüsaməddinə göstərdiyi etinasızlığı özü üçün ikinci və böyük bir səhv hesab edirdi. O düşünürkən hələ qızlıq vaxtında Hüsaməddinin dediyi bir cümləni xatırladı: “Sən mənim olmasan da, heç bir kəsin olmayacaqsan!” Bu sözlər Qətibənin qulağında bir daha cingildədi. O, Hüsaməddinlə görüşmək üçün vasitə aramağa başladı. Lakin Hüsaməddin Toğrulun şübhələrini oyandırmamaq üçün Qətibə ilə görüşmək və onun dəvətlərini qəbul etməkdən boyun qaçırırdı. Günün birində Qətibənin gözətçi qoyduğu cariyə Hüsaməddinin Atabəy bağında gəzdiyini xəbər verdi. Qətibə dərhal geyinib bağa düşdü. Hüsaməddin qoca bağbanla danışıb ondan soruşdu: – Mələkə bağın səyahətinə tez-tez gəlirmi? – Atabəy öldüyü gündən bəri onu bağda görməmişəm. Onda bağ səyahətinə çıxacaq bir şadlıq qaldımı? Bu zaman Qətibə gəlib hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. Hüsaməddin geri dönərkən mütləq Qətibəyə təsadüf etməli idi, çünki çıxıb getmək üçün Qətibə duran yerdən başqa yer yox idi. Hüsaməddin qoca bağbana bir neçə gümüş pul verib getmək istərkən, Qətibəni cariyələrlə birlikdə görüb baş endirdi və salam verdi. Qətibə başını qəmgin bir surətdə qaldırıb Hüsaməddinə baxdı və: – Əleykəssalam, – dedi, – lakin onu bilməlisən ki, gizlənməklə vicdandakı ləkələr təmizlənməz, ləkələri təmizləyə biləcək bir maddə varsa, o da sədaqət və əhdə vəfa etməkdən ibarətdir. Qətibənin bu sözündə cariyələr getdi, Qətibə isə sözündə davam elədi: – Bir qəhrəman vicdanına malik ola bilmədinsə, heç olmasa bir qadın vicdanına malik olaydın. Sən də, sənin padşahın da, müştərək icra etdiyiniz xəyanətin məsuliyyətini bir qadının öhdəsində qoymaqmı istəyirsiniz? Mən bu gün istərsəm, sabahın özündə o qılıncı sənin belindən açdıra bilərəm. Sən nə olduğunu özün də bilirsən. Toğrulu padşah eləyən, səni də ordu sərkərdəsi edən həmin bu qadındır. Bu qadın o qədər də yazıq bir qadın deyildir ki, sən və Toğrul kimi acizlər öz xoşbəxtliyini onun bədbəxtliyi üzərində qursunlar. Ərimin qatilləri! Qətibə üzünü çevirib getmək istərkən Hüsaməddin onu titrək bir səslə səslədi: – Mələkə, rica edirəm dayanın, – dedi. Qətibə dayandı və sual verdi: – Mələkəni mələkəlikdən saldığınız bəs olmadımı? İndi daha məndən nə istəyirsiniz? O padşah, sən də sərkərdə. Bəsiniz deyilmi? Atabəy Məhəmməd ölmüşdür, Qızıl Arslan ki, ölməmişdir! Hüsaməddin yenə də yalvarıcı bir vəziyyət alıb dedi: – Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir? Onu mənə deyə bilməzmisiniz? Hüsaməddin nə zaman mələkənin sərəncamında olmamışdır? Mən daima mələkənin buyruqlarını özüm üçün qanun hesab etməmişəmmi? – Hərgah sözlərin doğrudursa, nə üçün mənim yanımdan ayağını çəkdin? Əcəba, sən mənim əlimdən öpmək üçün bütün gecələri yalvarıb-yaxaran Hüsaməddin deyildinmi? – Madam ki, mələkə Toğrula ərə getməyə hazırlaşır, o zaman mənim mələkəyə yaxın gəlməyim padşahın şərəf və namusuna təcavüz etmək deyildirmi? Qətibə gülərək cavab verdi: – Bir padşahı öldürdün, həyatına təcavüz etdin, indisə mənim əlimdə oyuncaq olan bir acizin şərəf və namusunu nəzərə alırsan? Bu sözləri Qətibə saraya döndüyü zaman deyir, Hüsaməddin isə onunla bərabər gedirdi. O, sarayın qapısında dayandığı vaxt Qətibə ona əmr etdi: – İçəri buyurun, möhtərəm sərkərdə, sizinlə bir qədər işim vardır. Onlar birlikdə pilləkənlərdən yuxarı qalxdılar. Qətibə onu salonda buraxıb otağına keçdi. Hüsaməddin salonda o tərəf-bu tərəfə dolaşaraq düşünür və öz-özünə deyirdi: “Yaşı qırxa yetişdi, həyatı iyirmi ildən bəri hadisələr, hiylələr, macəralar içərisində keçir, bütün fikri cinayətlərdən ibarət olan bu qadın yenə də dəyişmədi, çöhrəsində olan gənclik nişanələri çəkilmədi. Məğrur baxışları hələ sönməmişdir. Ona baxdığım zaman, onun səsini eşitdiyim zaman mən yenə də aldanıram. Çünki kişinin ilk sevgisində təbii bir inad vardır. O, birinci sevgisini heç bir zaman unuda bilməz. Səba xanım bundan daha dilbər, daha gözəldir. Lakin o mənim qollarım arasında olduğu zaman, yenə də mən Qətibəni qucaqladığımı hiss edirəm. Çünki mənim qanımın içərisində gəzən və ürəyimin hərəkətinə səbəb olan qüvvət, onun sevgisinin yaratdığı qüvvətdir”. Qətibə salona daxil oldu. Libasını dəyişmişdi. O, birinci dəfə bu libasda Hüsaməddinə görünmüşdü. Buna görə Hüsaməddin də daima Qətibəni xatırladığı zaman bu libasda xatırlayırdı. Qətibə gəlib oturdu, Hüsaməddinə əmr verdi: – Gəl otur, – dedi, – sən əbəs yerə mənim Toğrula ərə getməyim barəsində düşünürsən. Əcəba, sən məni tanıdığın halda, Toğrul kimi bir səfilə ərə gedəcəyimə inanırsanmı? Sən nə üçün öz əvvəlki fikrini buraxdın?.. Mənə, qız ikən dediyin yadından çıxdımı? – Mən mələkəyə minlərcə söz demişəm. Onların hamısını xəyalda saxlamaq olurmu? Bizim eşqnamə yazılsaydı, böyük bir kitab olmazdımı? – Gəncədə mənə son dəfə acıqlandığın yadında deyilmi? Hüsaməddin bir qədər düşünərək: – Harada? Nə vaxt? – Mən Məhşəti xanımı istiqbal etmək üçün taxt-rəvanda gedirdim. Sən də atını mənim taxt-rəvanımın yanınca sürürdün, xatırladınmı? – Bəli, xatırladım, lakin nə dediyimi xatırıma gətirə bilmirəm. – Mən o gün sənin sevgi təkliflərini rədd etdim. Sən acıqlanıb: “Sən mənim olmasan da, heç bir kəsin olmayacaqsan!” – dedin. Hüsaməddin haman günü xatırlayaraq güldü və fikrə gətirdi. Gəncliyin əlvan tabloları yenə də öz cəzbedici pərdəsini Hüsaməddinin qarşısında açdı: ... Gəncə çayının altından Xanəgah kəndinə qədər bütün yollar əlvan ipək örtüklü taxt-rəvanlarla dolmuşdu. Qətibənin çöhrəsi mavi ipək pərdənin dalından günəş kimi parlarkən, Hüsaməddin atını məhmizləyib taxt-rəvana yanaşdı, Qətibə isə nazlanaraq soruşdu: – Möhtərəm Hüsaməddin, mənim fikrimi soruşmaq üçünmü gəldin? Hüsaməddini iyirmi il əvvəl eşitdiyi səs bir daha diksindirdi. Qayıdıb Qətibənin üzünə baxarkən, yenə də Qətibənin haman dəyişməz və solmaz Qətibə olduğunu və sevgisinin də haman iyirmi il əvvəlki coşqun sevgi olduğunu gördü. Hüsaməddin qəlbini bu hiyləgər və məkkarə qadının əlindən dartıb almaq üçün çox çalışdı, lakin qəlb yenə də inad göstərməyə başladı. Ağlı və şüuru ilə ürəyini barışdıra bilməyərək, qollarını açıb Qətibəyə tərəf qoşdu və özünün xəbəri olmadan belə ağzından bu sözlər çıxdı: – Çıxacaq yolu yoxdur. Qəlbim mənim dalımca getmir, sanki o, başqasının iradəsi ilə çırpınır, sanki təbiətimdə başqa bir təbiət hakimdir. Mən indi bilirəm ki, sevgi ilə azadlıq bir yerdə yaşaya bilməz. Hüsaməddin bunları dodaqlarından püskürüb aralığa tökəndən sonra, Qətibəyə tərəf dönüb məhzun bir halda: – Bəli, gözəl mələkə, o zaman dediklərimi xatırlayıram, – dedi. Qətibə isə onun dodaqlarından öpərək: – İndi isə mən sənin o zaman dediklərini dəyişərək başqa cür demək istəyirəm, icazə verirsənmi? – dedikdə, Hüsaməddin də onu öpərək: – O ixtiyar sevimli mələkənin özündədir, – deyə cavab verdi. Qətibə özünə məxsus göz yaşlarından bir-iki damcı buraxaraq and içdi: – Hüsaməddin, mən sənin və oğlumun canına and içirəm: mən heç kəsin olmayacağam, ancaq sənin olacaq və sənin üçün yaşayacağam. Qətibə bu sözləri deyəndən sonra Hüsaməddinin boynundan asılaraq dodaqlarından öpdü. Lakin bununla Qətibə kifayətlənmədi, onu bir qədər də qorxutmaq istədi və yavaşdan: – Bilirsənmi mənim əzizim, – dedi, – bizim Toğrulu taxt-taca yetişdirmək üçün çəkdiyimiz zəhmətlər müsbət nəticə verməyəcəkdir. O hələ indidən bizə xəyanət etməyə başladı. Bu saat o istərsə, bizim ikimizi də məhv edə bilər. Buna görə ehtiyatı əldən buraxmaq lazım deyil. Biz onun Atabəyin qətlinə səbəb olduğunu yeri gəldikcə özünə xatırlatmalıyıq. O, fil xasiyyətli bir adamdır. Bir nəfər onun belində oturub çəkic ilə başına vurmazsa, o öz adi yerişini itirə bilər. Qoşunun arasında onun əleyhinə təbliğat aparmaq lazımdır. Biz əsas təbliğatımızı onun nüfuzu əleyhinə çevirməliyik. Nüfuzlu adama diz çökdürmək çətindir. Bizim xoşbəxtliyimizin baş tutması bir neçə dəqiqənin işidir. Lakin o xoşbəxtliyi davam etdirmək barəsində düşünməliyik. Sən onu bil ki, mənim Atabəy Məhəmmədə təslim etdiyim şeylər arasında qəlbim yox idi. Onu saxlamışam, onu sənə təslim edəcəyəm, ona səndən də layiq adam görmürəm. Əziz dostum, həyatda sıçramaq qorxulu bir cəsarətdir. Mərtəbələr tədrici bir surətdə qazanılır. Mən öz həyatımda bu həqiqəti indi-indi anlamağa başladım. Ucalmağa tələsməklə alçaqlığa tələsmək bir məna və bir mündəricədədir. Sənə bir daha tapşırıram, Toğrul bizi yaxalamadan, biz onu yaxalamalı və təslim etdirməliyik. Hüsaməddin ancaq qısa və qəti olaraq: – Mələkənin bütün dedikləri mənim üçün qanundur, – söylədi. * * * Dönüş Atabəy Məhəmməd öləndən sonra Azərbaycanın dövlət təşkilatı böyük bir qorxu altına düşdü. Qətibənin Xarəzmşahlarla olan sazişi nəticəsində Rey məmləkəti Xarəzmşahlara, İraq məmləkəti isə iraqlılara keçirdi. Rey verildikdən sonra İraq məsələsindən bəhs etmək lazım gəlmirdi. Çünki Rey xarəzmlilər tərəfindən alındıqdan sonra Cənubi Azərbaycanın mühüm bir hissəsi də Həmədanla bərabər Azərbaycan atabəyliyindən ayrılırdı. Qızıl Arslan bu qorxunu birinci gündən hiss edirdi. Bunun üçün şimali azərbaycanlılara müraciət edib kömək istəmişdi. Fəxrəddin yenə də əvvəlki fikrini meydana sürmüşdü. O, Araz çayını sərhəd təyin edib nə Qızıl Arslan, nə də başqalarını Şimali Azərbaycan torpağına buraxmaq istəmirdi. Şimali Azərbaycanın gənc və ziyalı qüvvələrindən bir çoxu bir fikrin üzərində dayanmışdı. Vəziyyət getdikcə gərginləşirdi. Siyasi vəziyyətdən xəbərdar olan hər bir kəs Şimali Azərbaycanın başlı-başına buraxılması işinə siyasi və tarixi bir xəyanət kimi baxırdı. Xalq Səlcuq camesinə yığışmışdı. Bütün xalqın dilində: “Qızıl Arslana kömək verməyəcəyik, Araz çayı sərhədimizdir. Onu qanımızla, canımızla müdafiə edəcəyik” – sözləri idi. Fəxrəddin məsciddə ayaq üstündə durub bu fikrin əleyhinə danışanları gözdən keçirir və öz fikrinin həyata keçirilməsinə imkan yaradırdı. Fəxrəddinin bu fikrini tənqid edənlərin başında onun öz silah yoldaşı Əlaəddin dururdu. Buna görə də iki zidd fikri müdafiə edən yoldaşların arasında qanlı vuruşmalar baş verməsi ehtimalı da var idi. Çünki hər iki dəstənin silahlı tərəfdarı Məlikşah meydanına yığılıb öz rəhbərlərinin qərarını gözləyirdi. Fəxrəddin sevinirdi, çünki Nizami xəstə olduğu üçün məscidə gəlməmişdi. Əvvəla, məsciddəkilərin əksəriyyətlə Nizamiyə hörmət bəslədiyi və onun fikrinin əleyhinə çıxışda bulunmayacağı bəlli idi. İkincisi də, Fəxrəddinin şəxsən Nizaminin məsləhətlərindən boyun qaçıra bilməyəcəyi hamı üçün aydın idi. Fəxrəddinin dəstəsi qalib gəlmək ərəfəsində idi. Fəxrəddin nə qədər mümkünsə qərarın tez çıxarılmasına tələsirdi; çünki o, Nizaminin xalqın iradəsi əleyhinə gedə bilməyəcəyini də bilirdi. Böyük və parlaq bir məşəlin işığı qaranlığın qalın köynəyini yaran kimi, xalqın qalın dəstələri də yarıldı, sanki onlar məscidə daxil olan möhtərəm bir şəxsiyyətə yol açmağa tələsirdilər. Bir anda xalqın nəzəri bir nöqtəyə çevrildi. Hər kəs Nizaminin gəldiyini görüb sevindi. Nizaminin bir qolundan oğlu Məhəmməd, o biri qolundan Əlaəddin tutub minbərin yanına gətirirdi. Fəxrəddin Nizamini gördüyü zaman bütün ümidləri qırıldı. Çünki Nizaminin ayrılma fikrinə düşmən olduğunu bilirdi. Qızıl Arslan məktub göndərdiyi gündən bəri Nizami təkbaşınalığın əleyhinə idi. O, atabəyliliyin, olduğu kimi müdafiə olunması tərəfdarı idi. Nizami bir qədər oturub dincini aldı, çığır-bağır və qışqırtılardan ibarət olan bu gurultulu yığıncağa böyük bir pərdənin şəkilləri kimi səssiz-səmirsiz baxırdı. Nəhayət, Nizami dincini alandan sonra ayağa qalxdı, minlərcə adamın göz qapaqları qalxdı, kirpikləri süngü kimi havaya dikəldi. O, sözünü belə başladı: – Mən xəstə idim, sizin bu yığıncağınızın tarixi və siyasi əhəmiyyətini xatırladığım üçün xəstəliyi unutdum. Məmləkət və xalq məsələlərini həll etmək, şahmat oynamaq kimi dərin və diqqətli bir düşüncə tələb edir. Oyun bir müharibədir. Səhv olaraq bir nöqtəni düşmənə uduzdunsa, yalnız bir cəbhəni deyil, bütün bir məmləkəti uduzdun deməkdir. Bunun üçün də mən xəstəlik yatağından qalxıb sizin bu yığıncağınıza gəlməyə məcbur oldum. Mən bir şair olduğuma baxmayaraq şahmat taxtasından az-çox başım çıxır. Fəxrəddin mənim məktəb yoldaşımdır. Həm də uşaqlıq və gənclik dostumdur. Mən onu sevdiyim qədər, o da məni sevir. Mən də, o da bu sevgini işdə göstərmişik. Doğrudur, bizim götürdüyümüz yol ayrıdır, o qılıncı götürdü, mənsə qələmi götürdüm. Lakin mənim dostum elə bilməsin ki, mənim qılınc və siyasət işlərindən başım çıxmır. Ayrılıq və təkbaşınalıq yolu ölüm və fəlakət yoludur. Bu gün biz Şimali Azərbaycanı Cənubdan ayırmaq istərsək, düşmənlərimiz bizə öz istədiyimiz qədər mükafat verə bilər. Onların istədiyi də budur. Əcəba, vəziyyət bu mərkəzdə durduğu zaman mənim dostum Fəxrəddin nə kimi bir nöqtəyə istinad edir? Mən onun fikrini bilmək istərdim. Nizami bunları deyərək sakit oldu. O, Fəxrəddindən cavab gözləyirdi. Xalqın gözləri bir daha Fəxrəddinin ağzına dikildi. Fəxrəddin qalxıb danışdı: – Azərbaycan atabəyləri adlarını Azərbaycan Atabəyi qoysalar da, onlar yenə də istilaçılardır, – dedi. Məscidin bir hissəsindən: – Doğrudur, – səsləri eşidildi. Nizami bu səsləri eşitdiyi zaman gülümsəyərək: – Biz məmləkəti nə Qızıl Arslan, nə də Toğrul üçün müdafiə etmirik. Biz onu, Azərbaycanın bütünlüyü və toxunulmazlığı üçün müdafiə etməliyik. Qızıl Arslanın əcnəbi istilasına qarşı başladığı mübarizə yuxarıdakı fikrimizə tamamilə müvafiqdir. Bizim köməyimiz olmadan Qızıl Arslan Azərbaycan dövlətini Əmir İnanc qızı Qətibənin macərasından xilas edə bilməyəcəkdir. Bizim gözümüz baxa-baxa məmləkətimizi hərrac edib əcnəbilərə satırlar. Fəxrəddin bilməlidir ki, yalnız məmləkətin bir parçası deyil, bütün məmləkət haman satışa daxildir. Fəxrəddin yenə də Nizamiyə cavab verərək dedi: – Atabəylər bu gün zəifləmişlər. Biz onların böyük ordu ilə Azərbaycana hücum etdiklərini görmüşük. Mənim möhtərəm dostumun özü də Atabəy Məhəmmədin qanlı teştinin qarşısında oturmuşdur. Onun Atabəy Məhəmməd tərəfindən yandırılan kitabxanasının külləri küləklər indi belə fəzada gəzdirməkdədir. Onların başını əzmək üçün bundan da əlverişli fürsət ələ düşməz. Bir az sonra onlar güclənərsə, yenə də bizə ikinci üzlərini göstərəcəklər. Biz ilanın dil çıxarıb göstərməsini yalvarmaq kimi mənə etməməliyik. İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. Mənə elə gəlir ki, biz Eldəniz oğlanlarının bu vuruşmalarına qarışmamalıyıq. Qoyun onlar bir-birini söysün, birisi aralıqda məhv olursa, ikincisini də biz döyüb siyasət səhnəsindən qova bilərik. Ondan sonra hər kəs hökumət başına keçəcəksə keçsin, yenə də o, Eldəniz oğlanlarından zalım olmayacaqdır. Fəxrəddinin sözləri məsciddə böyük təsir bağışladı. Hətta Əlaəddinin dəstəsindən də: “Belədir, doğru deyir” səsləri eşidildi. Nizami vəziyyətin ciddi olduğunu təyin etdi, məsciddə fikri dönüş yaratmağın çətin olduğunu hiss elədi və üzünü məscid xalqına tutub dedi: – Bizim məmləkətimizi Eldəniz oğlanlarının əlindən almaq üçün gələnlərin Eldəniz oğlanları ilə heç bir şəxsi düşmənçilikləri yoxdur. Mən sizə söz verirəm ki, onlar bu məmləkəti işğal edərkən Eldəniz oğlanlarını əsir götürərlərsə, onlara hörmətdən başqa heç bir şey etməzlər. Çünki onların məqsədləri bizim bu zəngin məmləkətimizi işğal etməkdir. Mən bilsəydim ki, Eldəniz oğlanları bir-birini məhv edənə qədər bizim məmləkətimiz toxunulmamış qalacaqdır, o zaman Fəxrəddinin fikrini birinci növbədə mən özüm imza edərdim. Lakin buna etibarım yoxdur. Düşmənlər daxili müharibələrdən istifadə edib məmləkəti öz aralarında bölüşdürəcəkdir. Fəxrəddin bir daha üzünü xalqa çevirib dedi: – Mən sizə söz verirəm ki, düşmən Şimali Azərbaycan torpağına ayaq basa bilməyəcəkdir. Bizim qılınc tutan əllərimiz şil olmamışdır. Nizami etidalını pozmayaraq cavab verdi: – Mən Fəxrəddinə məsləhət görürəm ki, Şimali və Cənubi Azərbaycan sözünü bir dəfəlik fikrindən çıxarsın. Bizdə yalnız Azərbaycan sözü vardır. Bunlar bir-birisiz heç bir zaman yaşaya bilməz. Hər nə olursa olsun, kimin idarəsində bulunursa bulunsun, biz Azərbaycanın tarixi və milli hüdudlarını əlimizdən buraxmayacağıq. Bu yolla gedən mübarizə tələb edərsə, mən də qələmi bir tərəfə buraxıb qılınc götürəcəyəm. Bəlkə də mənim yoldaşım qılınc daşımaqdan yorulmuşdur. Qoy o, Gəncədə qalıb bir az dincəlsin. Bizim hazırkı hüdudlarımız daxilində olan torpaqları təhlil edə biləcək qüvvətli bir alim dünyaya gələrsə, siz o zaman görəcəksiniz ki, Qafqaz dağlarından Həmədana və Qaplankuhaya qədər bütün torpaqlar midiyalı sümüyündən ibarətdir. Biz haman torpaqdan doğulmuşuq. O torpaq bizim tarixi babalarımızın məzarıdır. Haman torpaq bizim namusumuzdur. Biz heç bir zaman midiyalıların döşü üzərində düşmən atlılarının gəzməsinə imkan verməyəcəyik. Bir məmləkəti iki adla səsləyənlər bu məmləkətin dostu deyildir. Ya cənubla birlikdə yaşamalı, yainki onlarla birlikdə məhv olmalıyıq. Xalqında ittifaq olan bir məmləkəti heç bir düşmən mənimsəyə bilməz. Bu gün bizim Qızıl Arslanla bərabər Həmədan və İraq hüdudlarına gedəcək ordumuz Qızıl Arslanın köməyinə deyil, Cənubi Azərbaycanın sərhədlərini düşmənin üzünə bağlamaq üçün gedir. Məsciddəkilərin fikri dəyişdi, xalq bir-birilə pıçıldaşmağa və “şair doğru deyir” sözlərini təkrar etməyə başladı. Fəxrəddin vəziyyəti belə gördüyü zaman Nizamiyə bir sual da verdi: – Qızıl Arslan Toğrula qalib gəldiyi zaman biz nə kimi qazanc əldə edərik? Nizami Fəxrəddinin fikrən tərk-silah edildiyini gördükdə, öz fikrini izah edərək dedi: – Qazanc əldə etmək, hazırkı hadisələrdən istifadə etməyi bacarmaqdan asılıdır. Atabəy Məhəmmədin öldürülməsi Şərqdə böyük bir hadisədir. Bu hadisəyə hər dövlət və hər bir məmləkət istifadə üçün öz mövzusunu verməkdədir. Həmin hadisəyə iraqlılar bir cür, reylilər başqa cür, Bağdad xalqı isə tamamilə əlahiddə mövzu verməkdədir. Eyni zamanda onların verdikləri bu mövzuların hamısı Azərbaycan dövlətinin əleyhinədir. Çünki hazırda Yaxın Şərqdə Azərbaycan atabəyliyi ən böyük bir mövqe işğal edir. Sizin gördüyünüz kimi, bu hadisəyə xarəzmlilər də öz mövzusunu verərək bizim məmləkətimizin vücudundan böyük bir parça qoparmağa çalışırlar. Onlar bizim səltənətimizin meyiti üzərindən keçib Bağdadda yol açmaq istəyirlər. Onlar Cənubi ticarət bazarlarını və Hindistan yollarını bizim əlimizdən almağa çalışırlar. Buna görə də şimali azərbaycanlılar Cənubi Azərbaycandakı qardaşları ilə möhkəm ittifaqa girib Bağdad qapılarını və Hindistan yollarını öz üzünə açıq saxlamağa çalışmalıdırlar. Qızıl Arslanın qalib gəlməsindən əldə edəcəyimiz qazanc bundan ibarət olmalıdır. Bizim bu məqsədlərimizin həyata keçməsinə hər kəs kömək verərsə, biz ona kömək verməliyik. Azərbaycan xalqının milli varlığı hazırda bunu tələb edir. Mən heç bir zaman Azərbaycan xalqının böyük varlığını Araz çayı ilə Kür çayı arasındakı dar bir çərçivəyə soxmaq istəyənlərə vətənpərəst deməyəcəyəm. Atabəylər dəyərsizdir. Atabəylər rəiyyətpərvər deyildir. Lakin məmləkəti əcnəbilər əlinə tapşırmaqla onları cəzalandırmaq mübarizə üsulu deyil. Gəlin də biz ağıl və siyasət nöqteyi-nəzəri ilə danışaq. Hər halda farsların himayəsinə keçib müstəmləkə həyatı keçirməkdənsə, atabəylərin idarəsində müstəqil yaşamaq daha yaxşıdır. Çünki onlar da, biz də bir dildə danışırıq. Buna görə də Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. Qoy mənim yoldaşım Fəxrəddin öz tərəfdarları ilə bərabər Gəncədə otursun. Nizami bu sözləri dedikdən sonra oturdu. Məsciddən səs-küy qalxdı. Fəxrəddin ayağa durub səsləndi: – Dayanın! Mən çox zaman səhv etmişəm. Lakin heç kəs deyə bilməz ki, Fəxrəddin öz səhvində inad göstəribdir. Fəxrəddin bu sözü dedikdən sonra qılıncını çəkib səsləndi: – Səfərbərlik! Nizami məsciddən dışarı çıxdığı zaman Məlikşah meydanındakılar bir-birini öpür və səfərbərlik elan olunması üçün şadlıq edirdilər. * * * Qorxu Bir tərəfdən Qızıl Arslanın etinasızlığı və onun Həmədana gəlməməsi, o biri tərəfdən də Qətibənin başladığı təzə oyunlar Toğrulun mövqeyini qorxu altında qoymuşdu. Sizdəh günü Həmədanda olan qoşunun Toğrul sarayı qarşısına gəlib əlahəzrəti salamlamaq istəməməsi məsələnin nə qədər qorxulu olduğunu tam çılpaqlığı ilə meydana qoymuş oldu. Sizdəh günü üçün lazım olan hər bir şey hazırlanmışdı. Rəsm-keçid bitəndən sonra Toğrulun sarayında böyük ziyafət veriləcəkdi. Səhər saat on birdə əyanlar, vəzirlər əlahəzrətlə bərabər sarayın meydana baxan uca balkonuna çıxıb qoşunların rəsm-keçidinə tamaşa etmək istəyirdilər. Lakin meydanda qoşun yox idi, oradakılar yalnız əlahəzrətin qulamları və bir də süpürgəçilər idi. Saat 12 oldu, qoşunun gəlməsindən xəbər olmadı. Toğrulun həm qorxusundan, həm də acığından ürəyi partlamaq istəyirdi. O, bu hadisənin təsadüfi bir hadisə olmadığını dərhal hiss etdi, öz qəlbində Qətibəni edam etdirəcəyini və mümkün olan kimi Hüsaməddini qoşun sərkərdəliyindən uzaqlaşdırmağı qərara aldı. Toğrul rəsm-keçidin baş tutmamasını görincə, öz pişxidmətini Hüsaməddinin yanına göndərib hüzuruna tələb etdi. Lakin Hüsaməddin bu əmri nəzərə almayaraq gəlmədi. Ancaq bir kiçik məktub göndərib gəlməməsinin səbəbini izah etdi: “Hazırda qoşunun içindən kənara çıxmağım əlahəzrətin mövqeyi üçün böyük bir təhlükə törədə bilər, bunun üçün də gələ bilmədim. Bu mənim tərəfimdən cəsarət olsa da, əlahəzrət nökərlərini əfv etməlidir” – deyə Toğrula cavab verdi. Rəsm-keçidə gələnlər balkondan düşüb Toğrulun ziyafət salonuna yığışdılar. Lakin ziyafət Toğrulsuz keçdi. O öz evində qapanaraq bir həftə dışarı çıxmadı. Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi. Lakin Toğrulun bu qərarına Xarəzmşahlarının casusu Zəhir Bəlxi razılıq vermədi. O, Toğrula müraciət edib: – Əlahəzrət elə bir tədbir görməlidir ki, o tədbirlə həm Qızıl Arslan, həm də Hüsaməddinin başladığı fitnələrə cavab verilsin. İraqlılarda bu iki fitnənin qarşısında dura biləcək qüvvə yoxdur. Yaxşı olardı ki, əlahəzrət Sultan Təkişə müraciət edib ondan kömək istəsin, – dedikdə, Toğrul Zəhir Bəlxinin cavabında: – Dediklərinizin hamısı doğrudur. Lakin Xarəzm qoşununu məmləkət içərisinə buraxmaq mənim vəziyyətimi daha da ağırlaşdırar. Hazırda məni Atabəyin qətlində töhmətləndirirlər. Əcnəbi himayəsinə girməklə də, məmləkət xaini adlandıra bilərlər. Bu gün bir nəfər özgə hökumətin qoşunu məmləkətin daxilinə ayaq basarsa, bu iki töhmət boynumda qalacaqdır. Yaxşı olardı ki, cənab Zəhir Qətibə ilə danışaydı, hərgah Qətibə istərsə, bu fitnələr öz-özünə məhv olub gedər. Zəhir Bəlxi buna heç də etiraz etmədi. Çünki o, Qətibənin Xarəzmşah tərəfdarı olduğuna inanırdı. Qətibə ilə onun oğlu Qütlüğ İnancın Reydə hökumət sürəcəyi barəsində danışılıb qərar çıxarılmışdı. Alınmış qərara görə Rey Atabəy məmləkətlərindən ayrılıb Xarəzmşahlar ixtiyarına keçəcək, Qütlüğ İnanc orada əmirülməralıq ləqəbilə hökumət sürəcəkdi. Buna görə də Zəhir Bəlxi Qətibə ilə Toğrulu barışdırmaq məsələsinə etiraz etmədi. Qətibə Həmədanda deyildi, o özünü aralıqda alovlanan fitnələrdən kənarda göstərmək üçün bir neçə gündən bəri “Eldəniz Rübatı” adlı malikanəsinə köçmüşdü. O köçəndən sonra qoşun: “Atabəyin qatilini bizə verin” – deyə Toğrula tələbat verirdi. Zəhir Bəlxi bütün bu tədbirlərlə razılaşsa belə, qoşunun Toğrul əleyhinə qiyam etməsilə razılaşa bilmirdi. Çünki bu qiyam Toğrul, Zəhir Bəlxi və Hüsaməddin arasında qərara alınmış xətt-hərəkətə daxil deyildi. Bunların əsas məqsədləri Toğrulunu mövqeyini möhkəm etməkdən ibarət olmalı idi. Lakin Zəhir Bəlxi Qətibə ilə Toğrul arasında baş verən narazılığın əsas səbəbini bilmirdi. Onun üçün bütün işlər məlum olsa belə, Toğrul ilə Qətibə arasında başlanan gizlin müqavilənamə məlum deyildi. Toğrulun Qətibəyə evlənməyə söz verməsi və onun oğlunu vəliəhd təyin eləməsi məsələsini bir Qətibə, bir də Toğrul bilirdi. Lakin Toğruldan ümidini kəsdikdən sonra, Qətibə xarəzmlilərlə müqavilə bağlayıb Rey məmləkətini onlara vermək və oğlunun “əmirlər əmiri” ləqəbilə hökumət sürəcəyini təmin eləmişdi. Bundan da Zəhir Bəlxi və Hüsaməddinin xəbəri yox idi. Zəhir Bəlxi Qətibəyə belə bir məktub yazdı: “Möhtərəm mələkə! Belə mühüm bir zamanda mələkənin paytaxtdan kənara çıxması aralıqda alovlanan fitnələrin bir daha artmasına səbəb olur. Qoşunun əlahəzrətə itaət etməməsi onun mövqeyini laxladır. Halbuki bizim mələkə ilə olan danışığımızda, əlahəzrətin səltənətini möhkəm etməyi qərara almışdıq. Danışıqlarda qoşunun üsyan etməsi qərarı yox idi. Özbaşına olan bu hərəkət möhtərəm mələkənin düşündüyü tədbirlərin hamısını poza bilər. Əlahəzrət üsyançı qoşunları sakit etmək və onları tərk-silah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. Lakin bu ordunun düzəlməsi bizim üçün yaxşı nəticə verməzdi. Əvvələ, bu ordunun üsyançı qoşunlara qalib gələ bilməsi də şübhəli bir məsələdir. Sonra, iki qoşun arasında vuruşma çıxsa, nəticədə Qızıl Arslan qazanacaqdır. O, işə müdaxilə etdiyi zaman oğlunuzun gələcəyi haqqında sizinlə bağladığımız müqavilə də öz gücünü itirə bilər. Bütün bu yazdıqlarımı nəzərə alaraq mələkə həzrətləri tezlikdə bilataxir paytaxta köçməlidir. Çünki ülyahəzrətin Həmədandan köçüb getməsi Atabəyin qətlinə dair buraxılan şayiələrin məsuliyyətini əlahəzrətin öhdəsində qoyur. Həmədan xalqı sizin köçməyinizi, ərinizin qatilini görmək istəmədiyiniz kimi mənə edir. Halbuki bu məsələdə sizin özünüz daha yaxından iştirak etmişsiniz”. Məktub Zəhir Bəlxinin ən etimadlı olan qulamı Bəsirə tapşırıldı. Bəsir gecə ikən Həmədandan Eldəniz Rübatına tərəf yola düşdü. Lakin o, Eldəniz Rübatına gedərkən Hüsaməddinin adamları tərəfindən tutulub axtarıldı və məktub alınandan sonra buraxıldı. Hüsaməddin Zəhirin yazdığı məktubu ələ gətirmədən əvvəl Toğrulun Qətibəyə göndərdiyi məktubu da ələ gətirmişdi. Toğrul Qətibəyə yazdığı məktubunda deyirdi: “Əziz və möhtərəm mələkə paytaxtdan nə qədər uzaq olursa olsun, yenə də mən onun dodaqlarını öz dodaqlarımda hiss edir və nəşə ilə yaşayıram. Lakin təəssüf edirəm ki, Hüsaməddinin xain hərəkəti bizim mələkə ilə olan izdivac fikirlərimizin təxirə düşməsinə səbəb olur. Möhtərəm mələkəm paytaxta qayıtsaydı, Hüsaməddin haqqında qəti bir qərara gələrdik”. Hüsaməddin bu məktubu ələ keçirəndən sonra, Qətibənin iki cəbhədə çalışdığını anladı. Qətibənin ona verdiyi dodaqların və özünə verdiyi izdivac vədəsinin Toğrula da verildiyini anladı. Qətibənin Rey məmləkətini Sultan Təkişə bağışlaması onu heç də təəccübləndirmədi; çünki əcnəbi köməyi ilə hökumət təbəddülatı yaratmağın bu kimi qurbanlar tələb edəcəyi şübhəsiz idi. Toğrul Qətibəyə göndərdiyi məktublardan cavab gəlmədiyini görincə Zəhir Bəlxini bir daha hüzuruna çağırıb, öz fikrini ona xəbər verdi: – Qətibə nə sizin, nə də mənim məktubuma cavab vermədi. Buna görə də mən onun barəsində iki qərar çıxarmışam. Qərarın birisi ya onunla evlənərək oğlunu vəliəhd təyin etmək, yaxud gecələrin birində onu qətl etdirməkdən ibarətdir. Zəhir Bəlxi birinci fikrə etiraz edərək dedi: – Ona evlənməyi əlahəzrət üçün çox zərərli hesab edirəm. O zaman bütün məmləkət əhalisi deyə bilər ki: “Əlahəzrət Toğrul Qətibəyə evlənmək üçün öz qardaşı Atabəy Məhəmmədi qətl etdirdi”. Onun özünü qətl etdirmək, evlənməkdən daha faydalıdır. Lakin bu da qoşun arasında başlanmış qiyamı artıra bilər. Ən faydalı və əlverişli çarə, hələlik onunla müvəqqəti olaraq barışmaqdan ibarətdir. Barışıq onun həyatını həmişəlik təmin eləmək kimi məna edilməməlidir. Çünki onun təbiəti heç bir güzəştin müqabilində razı qala biləcək bir təbiət deyildir. Ona ölüm lazımdır. Lakin hazırda diriliyi öldürülməsindən daha əlverişlidir. Toğrul Zəhir Bəlxiyə bir sual daha verdi: – Hüsaməddin haqqında fikriniz nədir? – Qoşun arasında mövcud olan qiyam Hüsaməddin tərəfindən düzəlmiş olsa belə, yenə də bu onun öz fikri deyil. Yaxşı axtarmış olursaq, yenə də qiyamın əsas kökünü Qətibədən tapmış olarıq. Buna görə də Qətibə ilə barışmaq hər şeydən əvvəl lazımdır. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. Toğrul ikinci sualı verdi: – Bilmirəm o barışarmı? Onun xəyalı səltənətin vəliəhdliyini oğlu üçün, mələkəlik adını isə özü üçün təmin eləməkdir. Zəhir Bəlxi güldü: – Qadın nə qədər tez aldadırsa, o qədər də tez aldanır. Siz onların həqiqətlə yox, vədələrlə daha çox maraqlandıqlarını bilmirsinizmi? Qadın ürəyi şirin vədələri sevən gülünc bir maddədir. Lakin vədələr inandırıcı vədələr olmalıdır. Çünki onlar qəlibə salınmamış həqiqətlərdən artıq qəlibə salınmış yalanlara daha tez inanırlar. Bir də burasını bilmək lazımdır ki, xalq həqiqət eşitməyə adət etmədiyindən, onu eşidərkən gülür və şüuruna yerləşdirməyi bacarmır. Lakin onların qulaqları yalanları hər an və hər dəqiqə eşitməkdədir və buna öyrənmişdir. Biz bunu Atabəyin qətlindən sonra, buraxdığımız şayiələrdə təcrübədən keçirmədikmi? Buna görə də sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. Hələlik Qızıl Arslanla əlaqəniz məlum olmadan Qətibənin paytaxtdan getməsinə imkan verməməli idiniz. O çox fitnəkardır. O buradan getməklə xalqa sənin hərəkətlərindən razı qalmadığını bildirmək istədi. Eyni zamanda sənə də bildirmək istədi ki, qoşunun qiyamı o, paytaxtda olmadığı zaman düzəlmişdir. Qətibə bu yalanları xalqın əhvali-ruhiyyəsini nəzərə alaraq düzəltmişdir. Baxınız, o, yalanlarını nə məqsədlə toxumuşsa, xalq da onu haman mündəricə ilə qəbul edir: “Mələkə paytaxtda yaşaya bilmədi. O öz ərinin qatilini Azərbaycan taxtında görə bilmir. Onu Toğrul öldürmək istəyirdi, buna görə də çıxıb Eldəniz Rübatına qaçmışdır” – deyə hər yerdə danışıq gedir. Lakin məni bunların heç birisi qorxutmur. Mənim fikrimi darmadağın edən Qətibəyə göndərilən məktubların başqa əllərə düşməsi qorxusundan ibarətdir. Hərgah göndərilən məktubun onun əlinə yetişməsini və onun etinasızlıq edib cavab verməməsini bilsəydim, heç düşünməzdim. Lakin məktubun başqa əllərə düşməsi olduqca qorxulu bir hadisədir. Bizim Qətibəni aldada biləcəyimiz də bu məsələdən asılıdır. Toğrul ilə Zəhir Bəlxi arasında gedən uzun-uzadı söhbətlər fayda vermədi; çünki Qətibəyə məktub aparan Bəsir qayıdıb Qətibəyə aparılan məktubun naməlum adamlar tərəfindən alındığını xəbər verdi. * * * Kişilər Qətibənin məsələdən xəbəri yox idi. O, qoşunun üsyanının Toğrul üzərində nə kimi təsir bağışladığını təqib edirdisə də, düşündüyü nəticəni əldə edə bilmirdi. O, bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. O, bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn edərək rahatsız olurdu. Qətibənin fikrincə, qoşun üsyan etdiyi zaman Toğrul dərhal ona məktub göndərib paytaxta çağıracaq, yaxud da onu paytaxta gətirmək üçün Eldəniz Rübatına bir heyət göndərəcəkdi. Bir neçə dəfə özü yığışıb paytaxta getmək istədisə də, cəsarət etmədi. Ehtiyatla hərəkət etdi, çünki qoşunda təşkil etdiyi üsyan dayandırılıb və Hüsaməddinin Toğrul tərəfinə keçməsi məsələsi bir həqiqət şəklinə keçdiyi zaman, Qətibəni paytaxta girən kimi həbs etmək o qədər də çətin məsələ deyildi. Qətibə bu kimi düşüncələr içərisində qıvrıldığı və gecə-gündüz gözünə yuxu getmədiyi zaman, paytaxtdan Hüsaməddinin məktubunu aldı. Məktub çox da səmimi, məhəbbətli və hörmətli yazılmamışdı. Orada Hüsaməddinin başqa məktublarında olduğu kimi sevgi və məhəbbət söhbətləri yox idi, hətta məktubda Qətibəyə gələcəyə aid ümid verə biləcək sözlər də yazılmamışdı. Qısa bir ifadə ilə deyilərsə, məktub qadınına acıqlanmış bir ər tərəfindən yazılan məktuba bənzəyirdi. Qətibə məktubu oxuduğu zaman gözünə və ağlına inanmadı; məktubu həyəcanla yerə buraxıb bir daha götürüb oxudu. O heç də məktubun Hüsaməddin tərəfindən yazıldığına inanmadı. Məktubu gətirən atlını yanına çağırıb sual verdi: – Bu məktubu sənə Hüsaməddinin özümü verdi? – Bəli, həşəmətli mələkə! Hüsaməddin həzrətlərinin özü şəxsən məktubu mənə tapşırdı və öz əlinizə tapşıracağımı əlavə etdi. – Cavab istəmədimi? – Xeyr, başqa söz demədi. – Gedə bilərsən. Atlı baş endirib gedəndən sonra Qətibə məktubu bir də oxudu. “Möhtərəm mələkə! Zənnimcə, Eldəniz Rübatında oturub paytaxtdan məktub və heyət gözləməyiniz artıqdır. Daha yetər, Həmədana köçüb gəlməyiniz məsləhətdir. Biləks, mən vəziyyəti dəyişdirməyə məcburam. Həqiqətə inanmamaq nə qədər idraksızlıq isə, tez inanmaq da o qədər axmaqlıqdır. Mənə gəldikdə, həm idraksız, həm də axmağam. Bəzən insanın siyasi bir məqsəd üçün özünü idraksız və axmaq göstərməsi lazım gəlirsə də, bu təcrübəni hər təsadüfdə işlətmək axmaqlıq yox, dəlilikdir. Bir yalanı bir məmləkətin xalqına satmaq mümkündür. Lakin bir şeyi iki adama satmaq mümkün deyil. Hərgah bu son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq, bir nəfərin isə əxlaqsız olması lazım gəlir”. Qətibə diqqətlə məktubu oxuyandan sonra, məsələnin dərinliyini və Hüsaməddinin nə dediyini anladı. Özünün Toğrula ərə getmək macərasının Hüsaməddinə bəlli olduğunu anladı. Hüsaməddinin qısqandığını hiss etdi və nəhayət, məktubun son cümləsini təkrar etdi: “Lakin bir şeyi iki adama satmaq mümkün deyil. Hərgah bu son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq və bir nəfərin isə əxlaqsız olması lazım gəlir”. Qətibə öz-özünə bərkdən gülərək dedi: – Sanki bizim filosofumuz dünyada heç kəsin qulağı eşitməmiş bir fəlsəfə tapmışdır. Hələ indiyə qədər o bilmir ki, bir şəhərin xalqına yalan satanlar bir şeyi iki adama satan qadından daha alçaq, daha əxlaqsızdır. Bir şeyi iki adama satanlar öz varlığını satırsa da, bir şəhərə yalan satanlar isə xalqı satır. Hələ indiyə qədər bunu Hüsaməddin anlamamışdır ki, mən heç kəsə satılmamışam. Lakin o bilmir ki, o özü bir qadının quru vədəsinə və özünün heyvani bir düşüncəsi xatirinə bir məmləkəti satmaq üzrədir. Mən sən Hüsaməddinin şəxsində adi kişiləri deyil, bir məmləkəti idarə edən xadimləri, rəhbərləri belə öyrəndim. Sizin kimilərin ağlını qəlbirdən keçirdim. Siz öz heyvani düşüncənizi təmin etmək, beş dəqiqəlik nəşə almaq üçün bir məmləkəti bir fahişənin əlinə tapşırmağa belə qabilsiniz. Kişilər, kişilər, siz filosof olsanız da, siz bir məşhur alim, siz bir peyğəmbər olsanız da, siz bütün xalqı tərbiyə üçün asimani kitablar yazsanız da, yenə də o kitabdakılar sizin özünüz üçün deyil. Sizin göstərdiyiniz səmimi kişilərin şəxsiyyəti hələlik kitab vərəqələrindən kənara çıxa bilməmiş, hələlik o asimani kişilər doğulmamışdır. Hələlik siz Hüsaməddinlər, yenə də Hüsaməddinlərsiniz. Gündə birini sevir, gündə birini yüksəldir, gündə birinin başına ölkələrin tacını qoyur, yüzlərcə qadını mənimsədiyiniz halda başqasını qısqanır, yüzlərlə qadına satılırsınız. Lakin sizdən başqasına satılan qadına fahişə adı verir, tacı başından götürür, mərtəbəsini əlindən alır və ona yazırsınız ki: “Hərgah son dediyimi mələkə bacarırsa, o zaman iki nəfərin alçaq, bir nəfərin isə əxlaqsız olması lazım gəlir”. Lakin bir həqiqəti gizlədirsiniz, yainki kişiyə məxsus qürur, o həqiqəti görməmək üçün sizin gözünüzə pərdə çəkir. Heç düşünmürsünüz ki, qadını əxlaqsız edən kimdir, qadınlarmı, kişilərmidir? Lakin mən çox da aciz deyiləm. Hərgah mən o daş qəlbli şairi aldada bilmədimsə, bu mənim acizliyimi göstərmir. Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir. Başqaları isə Hüsaməddinlər, Hüsaməddinlər, yenə də Hüsaməddinlərdir. Qətibə bunları deyərək qəhqəhə ilə güldü və məktubu bir tərəfə ataraq əlavə etdi: – Getməyəcəyəm, Həmədana dönməyəcəyəm. Sən Hüsaməddin də, sən Toğrul da mənim hüzuruma gələcək və üzr istəyəcəksiniz. Sizi iki şey məcbur edib mənim qarşımda diz çökdürəcəkdir. Onlardan birisi rəyasət və tamahkarlıq, ikincisi isə heyvani şəhvətiniz və qadın düşkünü olduğunuzdur. Qətibə bu sözləri qəlbində götür-qoy etdikdən sonra cariyələrə əmr verdi: – Bu gün şam süfrəsini hovuzun başında düzəldərsiniz! * * * Hüsaməddin Qətibəyə baş endirib dedi: – Mən sizi paytaxta aparmaq üçün öz tərəfimdən gəlməmişəm. Qətibə Hüsaməddinin nə demək istədiyini bildi və buna görə də bir az sərt cavab verməklə onun cürətini sınamaq istədi və: – Sən öz tərəfindən gəlməyə səlahiyyətdar deyilsən. Mən hələ o ixtiyarı sənə verməmişəm, – dedikdə, Hüsaməddin: – Elədir ki, mələkə buyurur. Məni mələkəni paytaxta qaytarmaq üçün, əlahəzrət Toğrul göndərmişdir. Çünki siz onun bu barədə yazdığı məktuba cavab verməmişdiniz, – dedi. Qətibə dərhal Toğrul tərəfindən yazılan məktubun Hüsaməddinin əlinə düşdüyünü anladı və: – Mən ondan məktub almamışam, – dedi, – və ona mənə məktub yazmaq üçün də icazə verməmişəm. – Məncə, icazə vermədiyiniz üçündür ki, məktub mənim əlimə düşmüşdür. Hüsaməddin bunu deyərək məktubu Qətibəyə uzatdı. Qətibə isə məktubu oxuyub istehza ilə güldü. Məktubu yerə atıb dedi: – Toğrul bu məktubu mənə göndərmək üçün yazsaydı, elə adamla göndərərdi ki, heç bir zaman sənin əlinə düşməzdi. O, bu məktubu məhz sənin əlinə düşmək üçün yazıbdır. Sən bu məktubu alandan sonra qoşundakı üsyanı dayandırdınmı? – Nə üçün soruşursunuz? – Çünki Toğrul bu məktubu, bizi bir-birimizlə döyüşdürmək və bununla da qoşundakı üsyanı sakit etmək üçün düzəltmişdir. Buna da nail oldu. Çox təəssüf edirəm ki, mən Hüsaməddinlər kimi avam və sadə adamlarla iş görürəm. İnsan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. Şüurun kəskin olması lazımdır. Qətibə bu sözləri dedikdən sonra Hüsaməddinin yazdığı məktubu göstərib dedi: – Sən Hüsaməddin, bu məktubu mənə yazdığın zaman vicdanınla danışmadınmı? Şüurunla məsləhətləşmədinmi? Kim bilir, bəlkə onlar səndə heç yoxdur; “onlardan ikisi alçaq, birisi isə əxlaqsız olmalıdır”. Sən onu bil ki, Toğrul alçaq olmasaydı, bu alçaqlığı etməzdi. Bu mübarizə üsulu deyil. Lakin sən alçaq deyilsən, sənə alçaq deməyə utanıram; çünki sən bir əsgərsən. Lakin axmaqsan, həqiqəti yoxlamadan öz dostuna belə bir məktub yazan adama ancaq haman adı vermək olar. Qadınların təqsiri tələsməklərindədir. Mən səninlə dostluq etdiyim zaman tələsdim. Onun üçün də hazırda səndən mükafat olaraq belə bir məktubu alıram. Səninlə işim yoxdur. Lakin o alçağı bu fitnəsinə görə cəzalandıracağam. O bir şah deyil, bir çibin olsa belə, mənim libasıma qona bilməz. Xəlifənin nəvəsi hələ o qədər də tənəzzül etməmişdir ki, hər yetənin dodağı onun dodağına dəyə bilsin. Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir. Qətibə bu sözləri dedikdən sonra köynəyinin qolunu gözlərinə tutub ağladı və Hüsaməddini otaqda qoyub başqa otağa keçdi. Hüsaməddin ayaq üstündə durub düşünürdü. O, Qətibəyə yazdığı məktubundan peşman olmuşdu. O, Toğrulun hiylə ilə məktubu qəsdən yazıb onun əlinə düşmək üçün göndərməsinə inanmağa başlamışdı. O, mələkədən nə kimi bir sözlə üzr istəyəcəyi və nə tövr ilə onun qəlbini alacağı barəsində fikirləşirdi. Mələkənin qulamları və cariyələri gəlib Hüsaməddini hamama apardılar. O, hamamdan çıxıb rahat olandan sonra, cariyə gəlib baş endirdi: – Mələkə şam süfrəsinə buyurmağınızı əmr edir, – dedi. Hüsaməddin yerindən hərəkət etməyə və Qətibənin gözünə görünməyə cəsarət etmirdi. Nəhayət, ədəbsizlik olmasın deyə, yemək otağına keçdi. Qətibə hələ süfrə otağına gəlməmişdi. O bir tərəfdə oturdu. Qətibə içəri girərkən Hüsaməddin ayağa qalxıb baş endirdi. Qətibə süfrəyə oturandan sonra, Hüsaməddinə müraciət etdi: – Sərdar, oturun, – dedi. Süfrə başında heç bir söhbət olmadı, çünki Qətibənin adətinə görə süfrə başında başqa söhbətlər ola bilməzdi. Süfrədən qalxıb bağçaya çıxdılar. Onların dalınca cariyələr və qulamlar dolanırdı. Daima Qətibə özünü ehtiyatlı göstərmək istədiyi üçün yad kişilərlə söhbət etdiyi və yaxud bağça səyahətinə çıxdığı zaman cariyə və qulamlardan da özü ilə bərabər götürərdi. Cariyə və qulamlar buna adət etdiklərindən daima Qətibəni yad kişi ilə gördükləri zaman onun yanından ayrılmazdılar. Qətibə cariyələrə və qulamlara müraciətlə: – Şərbət otağını döşəmək lazımdır. Məni sərdarla tək buraxın, bir azdan sonra şərbət içmək üçün qayıdırıq, – dedikdə, hamısı baş endirib getdi. Onlar yalnız qaldığı zaman, Qətibənin birinci sözü bundan ibarət oldu: – O, Zəhir Bəlxinin göstərişi ilə bu xəyanətə cəsarət etmişdir. Biləks, Toğrul öz qardaşının qadınına belə bir məktubu göndərməyə cəsarət eləməzdi. Sən şahid ol, mənim sözümü xatırında saxla. Toğrul Zəhir Bəlxinin məsləhətləri nəticəsində məhv olacaqdır. Hüsaməddin Qətibənin əlindən tutub dedi: – Mələkə, mənə inan! Bu ələ and içirəm, mən sizi heç vaxt Toğrulun yazdığı məktubla ölçməmişəm. Mən sizin namus və vicdanınıza inanıram, yazdığım məktub isə hər kişidə olduğu kimi, qısqanclığın nəticəsidir. Qətibə Hüsaməddinin son sözünü eşitdikdən sonra ondakı qısqanclığın söndüyünü, şəhvət və heyvani duyğuların vicdani hisslərə qalib gəldiyini görincə, əsas söhbətlərə keçərək dedi: – Mən cəsarətlə deyə bilərəm ki, kişilərdə qəhrəmanlıq xüsusiyyətləri mövcuddur. Lakin onlardan bir çoxu özlərində təbii olan qəhrəmanlıq xüsusiyyətlərini çox tez uduzurlar. Kişilər özlərini acizliyə düşürə biləcək səbəbləri bəzən görə bilmirlər; çünki qısqanclıq və inanmaq onların müdafiə üçün lazım gələn idrakını korlayır, onların qəhrəmanlıq şüurunu zəiflədir. Kişini qəhrəman edən səbəblər qısqanmamaq, tez inanmamaq və tələsməməkdir. Sən Hüsaməddin, qısqanmasaydın, tez inanmasaydın və tələsməsəydin o cür məktubu səni sevməyə başlayan Qətibə kimi bir qadına yazmazdın. Sanki sən bu saat mənim tanıdığım və uşaqlıqdan qəhrəmanlıqlarının şahidi olduğum Hüsaməddin deyilsən. İndi sənin sözün təsəvvür et, öz nöqsanını qarşına qoyub sənə tapşırılan vəzifə ilə müqayisə et. Bax gör, bu xasiyyətlə sən bir məmləkətin şəklini dəyişdirmək və məmləkətin hökmdarını yerindən dəbərtmək vəzifəsini ifa edə bilərsənmi? Mən sənə ümid bağlayıb Eldəniz xanədanı ilə başladığım bu oyundan qalibiyyət gözləyə bilərəmmi? Bəlkə də sən məni Eldənizlərə qarşı aparmaq istədiyim mübarizənin mündəricəsini lazımınca bilmirsən? Qoy onu sənin üçün çox aydın bir surətdə danışım. Bir qadın, istər hökmdar qızı, yaxud adi bir rəiyyət qızı, yainki bir dilənçi qızı olsun, onda ən qiymətli olan bir cavahir vardır ki, o da qızlıq şərəfi və qızlıq namusudur. Bu xasiyyət varlı və yoxsul qızlarının hamısına məxsusdur. Qızlar bunu müəyyən bir zamana qədər öz göz bəbəkləri kimi qorumaqdadırlar. Qız onu heç bir cavahir və heç bir xəzinənin müqabilində satmaz və onu ancaq ailə təşkilinin tələb etdiyi vəfa, sədaqət, səmimiyyət və ailə məhəbbəti müqabilində sata bilər. Mən Qətibə də Atabəy Məhəmmədə ərə getdiyim zaman öz qızlıq dəyərmi haman yuxarıda sənə saydığım dörd cavahirin müqabilində vermişdim. Sənin özünə də məlum olduğu üzrə, Atabəy mənim ona verdiyim cavahirin qiymətini mənə vermədi, məni aldatdı, vədələrinə vəfa etmədi. Ondan ailə məhəbbəti, vəfa, sədaqət, səmimiyyət görmədim. Nəhayət, o, qəlbini iki tərəfə ayırıb başqa bir qadına evləndi. Mən qızlıq cavahirinin qızıl müqabilində satıldığını görincə düşmənimdən intiqam almağa haqlı idim. Mən ucuz satılan qızlardan deyildim. “Şərəf və namusumun müqabilində ya istədiyimi ver, yainki həyatınla cavab ver!” Bu qərara gəldim, onun həyatını əlindən aldım. Çünki o məni həm qızlığımdan, həm də məni sevən Hüsaməddindən ayırmışdı. İndi anladın ki? Sən bu intiqamda iştirak etməli idin, çünki Atabəy olmasaydı, Qətibə Hüsaməddinlə bir ailə təşkil edib xoşbəxt yaşayacaqdı. O xoşbəxtliyi sənin də, mənim də əlimdən aldılar. Biz də buna qarşı ondan intiqam aldıq. Lakin iş hələ bitməmişdir. Hazırda biz əlimizi əlimizin üstünə qoyub oturarsaq, müəyyən bir zamanda Eldənizlərin başı ayılan kimi bizim yaxamızdan tutub Atabəy Məhəmmədin qanını tələb edəcəkdir. Buna görə də onların başını qarışdırmaq və yeri gələrkən onları məhv etmək əsas vəzifəmiz olmalıdır. İndi məsələ Hüsaməddin cənabları üçün aydınlaşdımı? Hüsaməddin onun əlindən öpərək: – Aydınlaşdı, sevimli və möhtərəm mələkə! Hüsaməddinin bədənində bir qətrə qan qalıncaya qədər bu məqsəd uğrunda çalışacaqdır. Qətibə son sözündə: – Toğrul kimi iradəsiz, zəif və sərxoş bir hökmdarın iş başında qalması bizim üçün əlverişlidir. Bəzən onu qorxutmaq və ələ almaq üçün göstərdiyim tədbirləri həyata keçirməlisən, – dedi və dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddinin dodaqları yenə də bu sözləri Qətibənin dodaqlarına yazdı: – Bu dodaqlara and içirəm, mələkənin bütün əmrlərinə əməl edəcəyəm! * * * Hüsaməddin Qətibənin göstərişinə binaən Eldəniz Rübatından qayıdan kimi Toğrula təqdim olundu və ona baş endirib səfəri haqqında məlumat verdi: – Əlahəzrətə ərz etmək istəyirəm ki, Qətibə xatun xəstə olduğuna görə, paytaxta qayıtmaq məsələsini təxirə saldı. Toğrul çox diqqətlə Zəhir Bəlxinin üzünə baxaraq, onun fikrini bilmək istədi. Zəhir Bəlxi isə Toğrula müraciətlə: – Qətibə xatunun Eldəniz Rübatında bu qədər təxir etməsi şübhəsiz ki, səbəbsiz deyildi. Madam ki, ülyahəzrət xəstədir, o zaman əlahəzrətin onu yoxlamağa getməsi lazımdır, – dedi. Bu sözdən sonra Toğrul Hüsaməddinin getməsinə icazə verdi. Zəhir Bəlxi də Toğrula yavaşdan dedi: – Bizim böyük səhvlərimizdən birisi də Hüsaməddinlə olan əlaqəmizdir. Biz, Atabəyin qətli məsələsində Hüsaməddinin iştirak etməsinə imkan verməməli idik. Mən onun hazırkı üsyanda Qətibə ilə əlbir işlədiyinə heç də şübhə etmirəm. Bütün bu hərəkətlər sizi güzəştə məcbur etmək üçündür. Bunları nəzərə alaraq Hüsaməddini qorxudub ələ almalı, Qətibəni isə aldadıb sakit etməlisiniz. Bunların hər ikisini bacara bilsəniz, o zaman sizi qarşılamaqda olan təhlükənin mühüm bir hissəsi öz-özünə aradan qaldırıla bilər. Toğrul cavabında dedi: – Hüsaməddini yanıma çağırıb danışdıraram, sabah isə tezdən Eldəniz Rübatına yola düşərəm. Zəhir Bəlxi vidalaşıb getdi, Toğrul da Hüsaməddinin hüzura çağırılmasına əmr verdi. Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. Hüsaməddin hələ yol libasını və silahını üstündən çıxarmamışdı. O, otağa girərkən təəccüblə Toğrulun üzünə baxırdı. Toğrul isə ona tərəf baxıb dedi: – Otur, sərdar! Həyatın hər bir günü müxtəlif düyünlərdən və pırtlaşmış kələflərdən ibarət olan bir silsiləyə bənzəyir. İnsan ancaq o düyünləri ustalıqla və maharətlə aça bilməyi bacardığı zaman yaşaya bilər. Sən bizim öz həyatımızı misal götürə bilərsən. Hazırda sənin və mənim günlərimiz olduqca təhlükəli, dolaşıq düyünlərdən ibarətdir. Biz bu dolaşıqları və bir-birinin yanına düzülmüş düyünləri tez bir zamanda açmasaq və həyatımızı düzgün yola qoya bilməsək, o təhlükə bizi məhv edəcəkdir. Sən Qətibənin xəstəlik xəbərini gətirdiyin zaman Zəhir Bəlxi burada olduğu üçün bəzi sözləri sənə deyə bilmədim, buna görə də səni ikinci dəfə yanıma çağırdım. Doğrudur, biz onunla sirr arkadaşıyıq, sən, mən onunla bərabər Şərqdə böyüklüyü ilə yerləşə bilməyən bir zatı, daha açığı rəşadət və cəsarətilə – “Cahan pəhləvanı” adlanan bir kişini öldürmüşük. Lakin, buna baxmayaraq, o yenə də bizə yabançıdır. Təhlükə yaxınlaşdığı vaxt Zəhir Bəlxi kimi adamlar qaçıb öz vətəninə getməyi bacarar. Lakin sən və mən qaçmağa yer tapa bilmərik, çünki bura bizim vətənimizdir. Nəhayət, bu qanın məsuliyyəti sənin və mənim boynumda qalar. Buna görə də həyatın dolaşıq olan silsiləsini bir daha pırtlaşıq salmaq doğru yol deyildir. Nədənsə sən Hüsaməddin, son zamanlar özünü bu qətlin məsuliyyətindən tamamilə kənarda tutursan. Lakin bu ixtiyar sənin öz əlində deyildir. Ölüm hadisəsinin səbəbləri aranıldığı zaman, sən bu bitərəfliyi müdafiə edə bilməyərək öz hissənə düşən cinayəti iqrar etməyə məcbur olacaqsan. Nə üçün də işlər gəlib bu yerə çıxsın? Nə üçün də yaşamağa imkanı olan bir boğazı kəndirə keçirmək!.. Səndən soruşuram, hazırda qoşunun üsyanından ya sən, yainki Qətibə nə kimi bir qazanc əldə edəcəksiniz? Hərgah sizin bu hərəkətiniz məqsədinizə uyğun bir surətdə nəticələnirsə, siz Toğrulun zülmündən və yaxud ölümündən başqa bir şeyi görməyəcəksiniz. O zaman sənin də, Qətibənin də mənim dalımca dar ağacına çıxmanız şübhəsizdir. Sən nə üçün bunları Qətibəyə anlatmırsan. Hüsaməddin Toğrula baş endirib: – Əlahəzrətin bütün buyurduqları bir həqiqətdir. Lakin mən Qətibə xatuna bu sözləri nə kimi bir cəsarətlə deyə bilərəm?.. Mən kiməm və nəçiyəm? Atabəyin qətlinə gəldikdə, mən sizin və Qətibə xatunun buyurduqlarınıza əməl etməyə məcbur idim, çünki mən bir əsgərəm. Buna baxmayaraq yenə də öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. O ki dar ağacına çıxmaqdır, o da çox qorxulu deyil, çünki ora çoxlarını çıxarmışıq. Hər halda qoşunda olan dedi-qodular aralıqda gəzən şayiələrin məhsuludur. Buna nə mən, nə də Qətibə xatun məsul deyildir. Hüsaməddin bunları deyəndən sonra sakit olub Toğrulun nə kimi bir vəziyyət aldığına tamaşa edirdi. Toğrul Hüsaməddindən ümidverici bir cavab almadığı üçün dayanıb aciz-aciz baxırdı. Onun çətinliklər qarşısında inlədiyi nəfəsinin ağırlığından oxunurdu. Onun baxışları, doğrudan da həyatının pırtlaşıq və dolaşıq tellərdən ibarət olduğunu göstərirdi. Burada Hüsaməddin Qətibənin Eldəniz Rübatında dediyi sözləri xatırladı. Sanki Qətibə Hüsaməddinin yanında durub: “Toğrul kimi iradəsiz, zəif və sərxoş bir hökmdarın iş başında qalması bizim üçün əlverişlidir” – deyirdi. Hüsaməddin bunları xatırladıqdan sonra, Toğrula bir daha baş endirib: – Əlahəzrətin hökmranlığına gəldikdə, biz onu bir qətrə qanımız qalıncaya qədər müdafiə edəcəyik, – dedikdə, Toğrul şadlığından ağladı. Hüsaməddin isə onun icazəsilə otaqdan çıxıb getdi. * * * Əlahəzrətin Qətibə xatunu ziyarət etmək üçün Eldəniz Rübatına gəlməsi, Qətibə sarayında fövqəladə bir hazırlığa səbəb olmadı və Qətibə xatun əlahəzrəti çox da qızğın bir məhəbbətlə qarşılamadı. Nökərlərə verilən əmr üzrə əlahəzrət Eldəniz Rübatına daxil olunca kəndlilər onu gül dəstələri ilə qarşıladı. Atları tutdular, cariyələr Toğrulu saraya aldılar, hamamı hazırlayıb Toğrulu püştmal edib çimdirdilər, ondan da sonra Toğrul libaslarını dəyişib yemək salonuna qədər müşayiət olundu. Bir azdan sonra Qətibə xatun da bir dəstə cariyənin müşayiətilə salona daxil oldu. Toğrul ona baş endirdiyi zaman Qətibə xatun da: – Əlahəzrət xoş gəlib, səfalar gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurublar. Əyləşin, əlahəzrət! – dedi. Toğrul bir daha əlini döşünə qoyub Qətibə xatuna baş endirdi və süfrəyə oturdu. Süfrə başında ancaq adi söhbətlər danışıldı. Əvvəlcə Toğrul: – Əlhəmdülillah, mələkənin səhhəti yerindədir. Xəstəliyinizi Hüsaməddindən eşitdiyim zaman çox nigaran qaldım. Paytaxtdan ayrılmaq vaxtı deyilsə də, sizin ziyarətinizi hər şeydən əvvəl lazım bildim, – dedikdə, Qətibə ona sual verdi: – Əcəba, paytaxtda bir hadisəmi vardır? – Qoşun itaət etmir. Rəsm-keçid günü böyük rüsvayçılıq oldu. – Bəs Hüsaməddin nə iş gördü? Əcəba, o idarə etdiyi qoşunu itaət altına ala bilmirmi? O zaman nə üçün vəzifəni əlindən buraxmır? – Onun tutduğu xətt-hərəkət olduqca şübhəlidir. Zənnimcə, mələkə Həmədanda olsaydı, bu cür işlər baş verməzdi. – Doğrudur. Lakin mən Həmədanda qala bilmədim, çünki mən dedi-qodunu sevən adam deyiləm. Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. Xüsusən əlahəzrətin özü də mənim Həmədandan Eldəniz Rübatına köçməyimə səbəb oldu. Orası ata vətənimə də yaxındır. Aranda da yaşaya bilərəm. Qızıl Arslanla da aramızda elə bir düşmənlik yoxdur ki, mənim Azərbaycanda yaşamağıma mane olsun. Toğrul ancaq qısa olaraq Qətibə xatuna dedi: – Hər şey ülyahəzrət mələkənin məramınca həll ediləcəkdir. Qətibə xatun Toğrulun sözlərinə nə hə, nə də yox cavabı vermirdi. Çünki cariyələr tez-tez süfrənin ətrafında dolaşıb xörək gətirir və boşalan qabları götürüb aparırdılar. Süfrədən sonra Qətibə ilə Toğrul vidalaşıb hər birisi öz yatağına çəkildi. Lakin Qətibə xatunun qəti bir cavab verməməsi Toğrulun rahatlığını pozurdu, onun yuxusunu odlu bir qum edib gözlərinə tökürdü. Toğrulun bu rahatsızlığı axşama qədər, yəni Qətibə xatunun ikinci yuxusundan qalxmasına qədər davam etdi. Həqiqi və əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. * * * Qətibə Toğrula acıqla baxaraq: – Sən özünü bir hökmdar kimi yox, bir ailə başçısı kimi də apara bilmədin. Ailə başçısı da özlüyündə bir hökmdardır. Onun özünə görə yaşamaq və ailəni yaşatmaq üçün müəyyən bir xətt-hərəkəti olmalıdır. Sizdən soruşuram, padşahlıq taxtına oturandan bəri məmləkət üçün hansı təşəbbüsləri etdiniz? Qətibəyə, Hüsaməddinə, Zəhir Bəlxiyə həmişəlik arxalana bilməzsiniz, özünüzdə təşəbbüs və ailə başçılığına məxsus yararlıq olmalıdır. Xüsusən sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin taxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. Şəxsən mən nələrə ümid olub sizi müdafiə edə bilərəm?.. Mən sizə taxt-tac verdim, əvəzində nə aldım? Bir yalan, bir aldanmaq! Mənim yerimdə hansı bir qadın olsaydı, əlahəzrətlə görüşmək və danışmaq istəməzdi. Gərək mənim sözümü unutmayasınız, sizi mən taxta əyləşdirmişəm, mən də düşürə bilərəm. Yalnız siz deyilsiniz, hökmdarların hamısı belədir. Onları müəyyən adamlar taxta çıxarır, müəyyən adamlar da qolundan tutub düşürür. Sizin hökmdarlığınız bir tükdən asılıdır. Sabahın özündə bir dəstə qoşun gəlib sizin sarayınızı işğal edər, özünüzü həbsə alar, öldürülmüş Atabəyin yerində dar ağacından asdıra bilər. Siz hər nə olursunuz olun, hər kəslə nə kimi müamilə edirsiniz edin, lakin mən Atabəyin qətlində iştirak etdiyimə baxmayaraq, yenə də haman qanın sahibiyəm. Siz hazırda qan sahibinin qarşısında oturmuşsunuz. Qan da kisik qan deyil, Atabəy qanıdır. Toğrulun boğazı qurumuşdu, nə deyəcəyini bilmirdi, ancaq bir kərə: – Nə etməli? Hərgah mələkə həzrətləri öz köməyini əsirgəyirsə, mən Həmədana qayıdan kimi istefa verə bilərəm, siz də məmləkəti başqasına tapşırın. Mən beləliklə hökuməti idarə edə bilmərəm. Görünür ki, mən öz dostlarımla anlaşa bilməyəcəyəm. Qətibə Toğrulun inadını sındırmaq üçün qəti olaraq dedi: – Siz nə ad qoyub hökumətdən istefa edəcəksiniz? Əlahəzrət bir dəfə bilməlidir ki, onu istefa vermək üçün yox, hökmdar olmaq üçün taxta əyləşdirmişlər. Lakin nə kimi şərtlə hökmdar olmuşsunuzsa, o şərtləri yerinə yetirməlisiniz. Ya şərtlərə vəfa edəcək və yainki Atabəyin qatili kimi dar ağacından asılacaqsınız. Çünki öldürülən Atabəyin oğlu vəliəhd, qadını isə məmləkətin mələkəsi olmalıdır. – Mən öz boynuma götürdüyüm vəzifədən boyun qaçırmıram, lakin ülyahəzrət vəziyyəti də nəzərə almalıdır. Mən qadınıma talaq verərək oğlum Məlikşahı edam etdirə də bilərəm. Lakin bu rüsvayçılıqdır. Buna Qızıl Arslan nə kimi bir nəzərlə baxar? – Əvvəla budur ki, nə qadını boşamaq, nə də günahsız Məlikşahı öldürmək və yaxud gözünü çıxarıb kor etmək lazım deyil. Bunu əlahəzrətdən heç kəs tələb etmir. Lakin oğlum Qütlüğ İnanc bu taxt-tacın həqiqi varisidir. Atabəy Məhəmməd sağ qalsaydı, vəliəhdlik mənim oğluma yetişəcəkdi. Atasını öldürdünsə vəliəhdliyi oğluna verməlisən. Buna Atabəy məmləkətində yaşayan milyonlarca xalq razılıq göstərib səni təbrik də edər. Qadınına gəldikdə, onun yaşaması üçün geniş imkan yaratmalısan. Mələkəlik rütbəsi isə aydındır. Vəliəhd kimdirsə, mələkə də onun anasıdır. Söhbətimiz burada bitir. İndi də sənin yazdığın məktub məsələsinə keçək. Əcəba, əlahəzrət mələkəyə göndərdiyi məktubu başqalarının əlinə düşməmək üçün etibarlı bir adamla göndərə bilməzdimi? Toğrul sual verdi: – Məktub mələkəyə çatmamışdırmı? – Çatmışdır, ancaq başqalarının vasitəsilə. – Mələkə bu hadisə ilə mənim vəziyyətimi təsəvvür etməlidir. Mənim hökdarlığım ancaq öz sarayımın içərisindədir. Mən düşmənlərlə əhatə olunmuşam. Taxta əyləşdiyim neçə aylara varır, məmləkətin heç bir tərəfindən təbrik məktubu almamışam. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir. Şübhəsiz ki, mən Qızıl Arslanın bir işarəsindən asılıyam. Qətibə Toğrulun bu sözlərinə gülərək: – Əlahəzrət görünür ki, yenə də Qətibəni tanımamışdır. Mən bir günün içərisində Atabəyin qətli məsuliyyətini onun boynuna bağlaya bilərəm. Əlahəzrət özü Qızıl Arslanın qarşımda diz çökəcəyini görəcəkdir. Özü də tez bir zamanda, – dedikdə, Toğrul da: – Mən ülyahəzrət mələkəni tanımasaydım, onunla bərabər belə bir məsul işdə iştirak etməzdim. Mələkəyə qəti söz verirəm, o, paytaxta gələndən sonra bütün məqsədləri həyata keçiriləcəkdir, – dedi. * * * Tarixi ziyafət Bu gün Gəncədə verilən ziyafət tarixi bir ziyafət idi. Bu gün Fəxrəddin Azərbaycan ordusu ilə bərabər Cənubi Azərbaycana yola düşəcək idi. Bu ziyafətin ikinci əhəmiyyəti Bağdaddan Fəxrəddinin anasının görüşünə gələn Dürrətülbağdadın ziyafətdə iştirak etməsində idi. Ziyafətdə Dürrətülbağdadın tərbiyə etdiyi Süsən və Fənhasın tərbiyəxanasında İbrahim Müvəssil tərəfindən yazılmış musiqi dərslərini keçmiş Dilşad xanım iştirak edəcəkdilər. Ziyafətdə şair və ədiblərin və ordu ilə gedənlərin özləri və ailələri iştirak edirdi. Fəxrəddinin ordusunu və özünü müşayiət etmək üçün Bağdad əsirliyindən qurtarmış qızların hamısı Gəncəyə gəlmiş və ziyafətə dəvət edilmişdi. Ziyafət başlanmamışdı, sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. Qızlar və gəlinlər əllərində gül dəstələri hazırlayaraq gələn qonaqlara təqdim etmək üçün saxlamışdılar. Ziyafət məclisinin yuxarı başında üç boş kürsü qoyulmuşdu. Bu kürsüləri bütün ziyafətdəkilər gözdən keçirirdi, çünki kürsülər tarixi kürsülər idi. Kürsülər Əmir İnanc, onun qadını Safiyə xatun və qızı Qətibənin ziyafət zamanlarında oturduqları kürsülərdən ibarət idi. Ziyafət salonunun böyük və iki taylı qapısı birdən açıldı. Üç nəfər salona daxil oldu. Onlardan birisi Nizami, ikincisi şairin qadını Rəna, üçüncüsü də böyük sənətkar Məhsəti xanım idi. Şairləri salamlamaq üçün qızlar, gəlinlər bir-birinin dalınca cərgə ilə növbəyə durmuşdu. Ən qabaqda Dürrətülbağdad durmuşdu. O, Nizami və Məhsəti xanımla hamıdan artıq maraqlanırdı. Fəxrəddin irəli keçib Dürrətülbağdadı şairlərə təqdim edərkən dedi: – Rəhmətlik qardaşımın qadınıdır. Anamın görüşünə gəlmişdir. Dürrətülbağdad irəli gəlib qabaqca Məhsəti xanımın, sonra da Nizaminin əlini öpərkən Fəxrəddin Rənanı tanış edərək: – Bu xanım da böyük şairin həyat yoldaşı Rəna xanımdır, – dedi. Görüşdülər, danışdılar, “xoş gəldin, səfa gətirdin”dən sonra son gələn qonaqlar keçib kürsülərdə oturdular. Ziyafətdə olanlar ancaq Məhsəti xanıma baxırdılar. Onun təmiz və kağız kimi ağarmış saçlarında, açıq və qocalıqda belə ay kimi parlayan alnının cizgilərində, bütün həyatında azad bir günəşə baxa bilməyən göz bəbəklərində yaşadığı qəmli tarixin tablolarına tamaşa edirdilər. Onun sağında Nizami, solunda isə Rəna oturmuşdu. Məhsəti xanım qoca olduğundan əlavə xəstə idi. Lakin o, bu ziyafətə gəlməyə bilməzdi. Çünki o, evdə oturduğu zaman nə Nizami, nə də Rəna onu yalnız buraxıb bir tərəfə getməzdilər. Ziyafət başlandı. Birinci növbədə Süsən udu əlinə alaraq çalıb-oxumağa başladı: Günəşlərdə çimən, güldən rəng alan, Bahar çiçəyindən səfalı qızlar! Qaşında oynayan, gözündə çalan, Əyri baxan zaman, can alı qızlar! Bir ceyran qaçmışdır Aran dağından, Bir güldür dərilib öz budağından, Həyat suyu axır bal dodağından, Baxışları qanlı-qadalı qızlar. Mina gərdəni var, sürahı beli, Zülfünün darağı baharın yeli; Saçına bağlanmış bir Aran eli, Günəş çöhrəsindən ziyalı qızlar. Çiçəkdən incədir, sudan təmizdir, Bahar şəbnəmindən doğulan qızlar. Bu necə qaş-gözdür, bu nə bənizdir, Ey uca dağların maralı qızlar! Süsən bunları oxuyandan sonra, dönüb Dilşada tərəf baxıb oxudu: Udunu danışdır, danışsın bülbül, Çıxsın qonçaların qucağından gül, İqbal bizə gülür, ay qız sən də gül, Eşitsin səsini vəfalı qızlar! Məhsəti xanım Süsənin səsini və sənətini təqdir edərkən dönüb Dilşadın üzünə baxdı. O, Dilşadın səsini, onun musiqi sənətindəki məharətini olduqca bəyənirdi. O daima Dilşadı yanına çağırıb oxudur və məşğul olurdu. Dilşad, Məhsəti xanımın bu baxışlarından nə demək istədiyini dərhal hiss edərək sualverici bir baxışla Fəxrəddinin üzünə baxdı. Fəxrəddin də Dilşada icazə verib: – Oxu Dilşad, bizim bundan şad günümüz olmayacaqdır, – dedi. Dilşad udu götürüb pərdələrini düzəltdi, oxumaq istərkən Məhsəti xanım ona işarə edərək: – Qızım, haman qəzəli oxu, – dedi. Dilşad çalıb oxumağa başladı: Saçdıqca şərər eşq odu bimar tənimdən, Atəşgədələr doğmadadır pirəhənimdən. Mən öylə fəlakətzədə bir bülbüli-zarəm, Şərməndə keçər bad-səbalar çəmənimdən. Bir şəm sifət söndüğüm aləm bilir, ancaq, Pərvanə köçəndən bəri beytülhəzənimdən. Bir şairi-biqədri-həzinəm, fəqət ölsəm, Yüz təzkirə təhrir edəcəklər kəfənimdən. Həzar mərtəbə rəftəm zi Misr ta Kənan Bə qeyri çeşmi Züleyxa kəsi bərah nəbud! Nizami Məhsəti xanımın əlini öpərək dedi: – Bir xalqı məhv etmək istəyirsənsə, onun əlindən üç şeyi al: dilini, şerini, musiqisini. Düşmənlərimiz bizim ilə başladıqları mübarizəni buradan başladılar. Lakin xalqımız ölməzliyini böyük mübarizələrdə təcrübədən keçirdi. Buna görə də mənim anam və ustadım yerində olan Məhsəti xanım özünün əbədi yaşamasından əmin olmalıdır; çünki sizin kimi insanların yaratdığı cavahirlər çürüməz və tarixdən silinməz cavahirlərdir. Bir zaman gələcəkdir ki, vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəkdir. Qaydadır, ən ləziz və şirin meyvələr belə öz mövsümündə insanların xoşuna gəlməz. Nizami Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. Nəhayət, Dürrətülbağdada müraciət edib: – Siz də bir-iki şeir oxuyun, – dedikdə, ziyafətdəkilərin hamısı ricaedici bir vəziyyət alaraq Dürrətülbağdada tərəf baxdılar. O heç bir etiraz etmədən oxudu: Dürrətülbağdad oxuyandan sonra Məhsəti xanım Süsəni səsləyərək dedi: – Süsən, udu gətir bura! Ziyafətdə olanların hamısı əllərini yemək-içməkdən çəkib Məhsəti xanıma baxmağa başladılar. Məhsəti xanım udu əlinə alıb dedi. – Səsimi son dəfə eşidirsiniz. Sizinlə vidalaşıram. Siz əmin olun ki, həyatım indi olduğu kimi keçsəydi, nə qocalıq, nə də xəstəlik mənə qalib gələ bilməzdi. Məhsəti xanım bu sözləri deyib gözünün yaşını sildi və bu rübaini oxudu: Təlxəst həmişə eyşi-ərbabi-hünər, Zin ruyi namizənəd kəsi abi-hünər. Əz atəşi-cəhlü xakisaran guya Bərbad şüdəst dər cahan babi-hünər. Dünyanı öz səsi və öz musiqisi ilə titrədən böyük sənətkarın əlləri titrəyirdi. O, bir neçə rübai oxudu. Dürrətülbağdad ayağa qalxıb: – Böyük müəllimə! – deyərək, Məhsəti xanımın əlindən öpdü. Məhsəti xanım yorulmuşdu, başını Rənanın çiyninə söykəyib oturmuşdu. Böyük şair Nizami ziyafət məclisinə göz gəzdirib danışdı: – Mən bir həqiqəti təkrar etməyə lüzum görmürəm. Mən bu gün bir daha qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. Burada öz sənətlərini nümayiş etdirən qadınlar incəsəntin ən yuxarı dərəcəsini mənimsəmişdir. Buna çox da təəccüb etməməliyik. Çünki qadının özü də təbiətin bir çox möcüzələri cərgəsində incəsənət adlanır. Bunun üçün də mən hörmət bəslədiyim böyük İran şairi Firdovsi ilə qadın məsələsində barışa bilmədim. Böyük Firdovsi bu məclisdə olsaydı, özünün tərbiyə qanunları əleyhinə yazdığı şerlərini cırıb atardı. O öz şeirlərində tərbiyənin nəsli və fitri olduğunu iddia edir və deyirdi ki: “Alçaq və tərbiyəsiz ailədən doğulan bir qızı nəcib və kübar ailədə bəsləmiş və tərbiyə etmiş olsan da, yenə o özünü bir qadın kimi hiss etdiyi zaman öz anasının getdiyi yolu davam etdirəcəkdir”. Firdovsi deyirdi ki, “qara qarğanın yumurtasını cənnətdəki tovuzun altına qoyasan, yumurtadan çıxdığı zaman onu cənnət əncirlərinin dənələri ilə bəsləyəsən, yenə o böyüdükdə qarğa balası olacaqdır. Cənnət tovuzuna isə quru bir zəhmət qalacaqdır”. Firdovsi başqa bir yerdə yazır ki, “əgər yoğuluşu acı olan bir ağacı gətirib cənnət bağının torpağında əkəsən, onu cənnətin məşhur suyu olan Kövsər çeşməsindən suvarasan, yenə də o, meyvə gətirdiyi zaman meyvəsi acı olacaqdır”. Lakin hazırda bizim gözümüzün qarşısında oturan qadınlar o fikirlərin hamısını yalanladı. Burada oturanların heç birisi zəngin, kübar və Firdovsinin nəcib dediyi ailələrin içərisindən çıxan qızlar deyil. Hamısı sənətkar, kəndli, çoban və yoxsul qızlarıdır. Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər! Nizami sözünü bitirəndən sonra qızlar yenə də oxuyub-çaldılar. Bu halda qapı açıldı. Gözəl, yanında oğlanları Əbubəkr və Özbək içəri girdi. Fəxrəddin dərhal yerindən qalxdı, Gözəli tanıyan və tanımayanlar da onun gəlişini bir hadisə hesab edərək təəccüblə ayağa qalxdılar. Gözəl ziyafət salonunu dərin və fikirli bir nəzərlə süzdü, ağır qədəmlərlə irəli gedib başını Nizami və Məhsəti xanımın önündə əydi və onların əlindən öpdü, sonra da oğlanlarının qolundan tutub məclisə təqdim etdi: – Məmləkətin hüdudlarını qorumaq üçün gedən qəhrəman ordunuza mənim də oğlanlarımı qəbul edin. Bunlar da həqiqi azərbaycanlılardır. Oğlanlarım ordunuzun başını aşağı etməzlər. Bunlar da birər qəhrəmandır. Hətta sizin tarixi bir qəhrəmanınızın nəvələridir. Gözəl bu sözləri dedikdə, Nizami ayağa qalxıb oğlanları öpdü. Fəxrəddin bir daha öz bacısı qızı və bacısı nəvələrini ziyafətdəkilərlə tanış elədi. Məhsəti xanım qalxıb getmək istərkən, üzünü ziyafətdəkilərə tutub danışdı: – Vətənin o tərəf-bu tərəfi olmaz, onun hər ovuc torpağı, hər parça daşı sevimlidir. Biz gəncliyimizdən vətənimizi sevdik, lakin öz sevgilimizlə azad yaşamaq imkanını qazana bilmədik. Bu gün Cənuba gedən ordumuz sevimli vətəndə azad yaşamaq imkanını qazanmaq üçün gedir. Sağ-salamat gedib qələbə ilə qayıtmağınızı arzu edirəm. Yaxşı yollar, yaxşı uğurlar olsun! * * * Bağdad və Həmədan üzərinə Ziyafətdən on gün keçirdi. Aranın hər tərəfindən Gəncə altına yığılmış ordu hərəkət edəcəkdi. Əlli mindən ibarət olan ordu iki hissəyə bölünüb birisi Naxçıvan, o birisi də Xudafərin körpüsü vasitəsilə Araz çayını keçib Təbrizə gedəcəkdi. Seyid Əlaəddin iyirmi beş min nəfərlə Naxçıvana gedib, oradan yığılan atlıları özü ilə bərabər götürmək üçün iki gün əvvəl Arandan hərəkət etmişdi. Fəxrəddin isə iyirmi beş min nəfərlə Qarabağ qoşununu götürüb Qaradağ-Əhər yolu ilə Təbrizə girəcəkdi. Ordunu yola salmaq üçün bütün Aran xalqı yolların kənarında düzülmüşdü. Əllərində gül dəstəsi duran minlərcə gəlin Fəxrəddinin atının görünməsini gözləyirdi. Ordu “Piran” qəbiristanının yanında dayandı. Fəxrəddin atdan düşüb Gözəlin oğlanları ilə bərabər palçığı qurumayan bir qəbrə yanaşdı. Nizaminin başında gələn ziyalılar dəstəsi də gəldi. Onlar da atlarından piyada olub qəbrə yanaşdılar. 25 minlik ordunun bayraqları qəbrin üzərinə əyilib onu salamlayırkən, minlərcə gəlinlərin gətirdikləri gül dəstələri qəbrin üzərinə qoyuldu. Fəxrəddin üzünü orduya tutub danışdı: – Biz bir həftə bundan qabaq heç bir xalqa və heç bir məmləkətə mümkün olmayan bir cavahiri burada basdırdıq. Bizə böyük bir mədəni irs buraxan və adını dünya tarixində yazdırmağa layiq olan bu mazarın sahibi ömründə bir gün də olsa azad həyat keçirə bilmədi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. Hazırda biz böyük Məhsətinin məzarının qarşısında durub and içirik: “Sənin həyatını zəhərləyən və sənə azad yaşayış imkanı verməyənlərlə bir qətrə qanımız qalıncaya qədər mübarizə aparacağıq. Səni sürgün edənləri yalnız Azərbaycandan deyil, həyat dünyasından sürgün edəcəyik! Sənin düşmənlərindən almaq istədiyimiz intiqam duyğuları bizi son qələbələrə qədər aparacaqdır. Sənə and içirik! Yaxınlarda bu qəbri böyük qələbə xəbərləri ilə salamlayacağıq! İnan bizə, yanında diz çöküb and içirik!” Nizami və bütün ədiblər Məhsəti xanımın qəbrinin önündə diz çökdülər, bayraqlar bir daha baş endirdi. Sonra Nizami ilə Fəxrəddin öpüşüb vidalaşdı. Ordu hərəkət etdi. Fəxrəddin qəbrə baxdığı zaman sanki son kərə ziyafətdə eşitdiyi səsi bir daha qəbirdən eşidirdi: Təlxəst həmişə eyşi-ərbabi-hünər, Zin ruyi namizənəd kəsi abi-hünər. Əz atəşi-cəhli xaksaran guya Bərbad şüdəst dər cahan babi-hünər. Şimali Azərbaycandan Təbrizə gedən ordunu istiqbal etmək üçün Qızıl Arslan Təbriz əyanları və Təbriz alimləri ilə bərabər Acı çayının kənarına qədər gəlmişdi. Ordu iki tərəfdən Acı çayına yanaşırdı. Naxçıvan yolu ilə gələn elliminlik ordu Sofiyandan, Qaradağ-Əhər yolu ilə gələn iyirmiminlik bir ordu isə Təbrizin şərq tərəfindən gəlib çaya yanaşırdı. Qızıl Arslan ipəkdən qurulmuş çadırın qapısında qoyulmuş qızıl kürsünün üstündə oturub Əlaəddin və Fəxrəddinin rəhbərliyi altında gələn orduları gözdən keçirdiyi zaman vəziri Şəmsəddinə tərəf dönərək: – Qızıl Arslanı məğlub etmək olmaz! İdarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır! – dedi. Gəncə və Şamaxı ipəklərindən düzəlmiş bayraqlar yaxınlaşdı. Qızıl Arslan həyəcan və şadlığından ayağa qalxdı. O, sərkərdənin bayraqlar altında gəldiyini hiss edərək, Fəxrəddini görməyə tələsdi. O, Fəxrəddinin Atabəylə olan müharibələrdə göstərdiyi qəhrəmanlığı eşitmişdi. Onunla məktublaşmışdı, lakin bu gün onu birinci kərə görəcəkdi. Bayraqdarlar qırmızı ipək çadırın başındakı qızıl qübbəni görən zaman, hökmdarın çadırı olduğunu anlayaraq bayraqları əyib Qızıl Arslanı salamladılar. Bayraqdarların dalınca gedən şeypurçular qoşuna “Hazır ol!” – işarəsi verincə, qırx min qılınc bir kərə qınından çıxdı. Günəşin işığından şəfəqlənən qılınclar qırx min ildırımın birdən şığıdığını andırdı. Qızıl Arslan Fəxrəddini salamladığı zaman Əbubəkr və Özbək atlarından piyada olub Qızıl Arslanın qarşısında diz çökub yeri öpdülər. Fəxrəddin isə onları təqdim edərək: – Mərhum Atabəyin oğlanları Əbubəkr və Özbəkdir, – dedikdə, Qızıl Arslan onları qaldırıb bağrına basdı və hönkür-hönkür ağladı, vəzirinə dönərək: – Qardaşım diridir, ölməmişdir! – dedi. Ordu keçdi. Bütün şəhər, bazar-dükanları bağlayıb küçələrə çıxmışdı. Qardaşların qardaşları istiqbal etmək üçün düzəltdikləri təntənənin bərabərini indiyə qədər Təbriz şəhəri görməmişdi. Şadlananlar, gülənlər, gül atanlar, hətta sevindiyindən ağlayanlar da var idi. Saraylarda, evlərdə, karvansaralarda və yaxın kəndlərdə qoşun əlindən tərpənmək mümkün deyildi. Buna görə də Qızıl Arslan Təbrizdən tez bir surətdə Həmədan tərəfinə köç verməyi qərara almışdı. Qızıl Arslan Təbrizdən hərəkət etmədən əvvəl geniş bir müşavirə məclisi təşkil etdirdi. Müşavirədə Şimali Azərbaycandan Əlaəddin və Fəxrəddin iştirak edirdi. Qızıl Arslan müşavirədə xətt-hərəkət məsələsini qoymuşdu. O, müşavirədə iştirak edənlərlə söhbət etdiyi zaman birinci növbədə vəziyyət haqqında məlumat verib dedi: – Hazırda bizim qarşımızda iki cəbhə vardır. Onlardan birisi sərhədlərimizdə gedən mübarizə cəbhəsidir. İkincisi də düşmənin daxildə bizə qarşı düzəltdiyi cəbhədir. Düşmən daxildə Toğrulu tamamilə öz əlinə almışdır. Demək olar ki, paytaxtımız tamamilə düşmənin əlinə keçmişdir. Hazırda məmləkəti də, məmləkətin hökmdarı olan Toğrulu da xarici düşmənlərin daxilimizdə işləyən xəfiyyələri, casusları idarə edir. Bir tərəfdən Qətibə xatun, o biri tərəfdən də Zəhir Bəlxi Toğrulun ruhuna girib məmləkəti paylaşdırmaq istəyirlər. Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl sərhədləri bərkitmək lazımdır. Sərhədlərdən köhnə qoşunları götürüb yerlərinə təzə və inandığımız dəstələrdən təyin etməliyik. Köhnə sərhəd qoşunlarının ruhu, əcnəbi təbliğatının nəticəsində tamamilə zəhərlənmişdir. Mən elə məsləhət görürəm ki, Xarəzm və İraq sərhədlərinə Azərbaycan qoşunlarını göndərmək lazımdır, biz ancaq özümüzə inana bilərik. Üçüncüsü də güclü bir ordu ilə Həmədana girmək və əcnəbi ünsürləri paytaxtdan təmizləmək lazımdır. Fəxrəddin Qızıl Arslanı diqqətlə dinləyirdi. Lakin Qızıl Arslan Fəxrəddinin müşavirədən gözlədiyi əsas məsələyə keçməyərək Toğrulun taxtından düşürülməsi işindən bir kəlmə olsa da danışmadı. Buna görə də Fəxrəddin Qızıl Arslana sual verdi: – Əlahəzrət, Toğrulun müqəddəratı barəsində fikriniz nədir? – Məncə, Toğrulu öz taxtında qoymaq və ona qəti tapşırıq vermək lazımdır. Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. Siz yaxşı bilirsiniz ki, məmləkətin idarəsi işində padşahın şəxsində çox az iş vardır. Biz başlıca olaraq onun məmləkət işini tapşırdığı adamların simasını və iş üçün dəyərli olub-olmamasını öyrənməliyik. Toğrulun özü möhkəm iradəyə malik bir hökmdar olsaydı, onun ətrafında olanların dəyərsizliyi məni heç də düşündürməzdi. Ümumiyyətlə, Şərq hökmdarlarının ətrafındakı işçilərin dəyərsizliyi hökmdarların özünün dəyərsizliyindən doğur. Bəzən Toğrul kimi dəyərsiz hökmdarlar dəyərli işçiləri idarə etməyin çətin olduğunu hiss edincə, öz ətrafına dəyərsiz və şüursuz adamları cəlb edirlər. Bəzən də hökmdarın dəyərsizliyi dəyərli vəzirləri də dəyərsizliyə məcbur edir. Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. Çünki onlar dəyərsiz padşahın ruhunu aldadırlar. Onlar Toğrul kimi cahil və iradəsiz bir hökmdarı tərif edə-edə inandırırlar. Hökmdar doğrudan da özünün xariqüladə bir şəxsiyyət olduğuna inanır. Madam ki, hökmdarın özü yaltaq axtarır, o zaman yaltaqları təqsirləndirməyə haqqımız vardırmı? Məmləkətin ən qorxulu düşmənləri padşahın şəxsiyyətini böyüdən və onu özü haqqında iştibaha salan adamlardır. Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. Onlar öz sənətlərini ancaq saraylarda ikmala yetirirlər. Yaltaqlar hökmdarın ağzından çıxan hər bir adi sözü Quran ayəsi kimi və asimani sözlər kimi təbir edərək onun özünə satırlar. Əcnəbi düşmənlər üçün padşahın özü yox, onun yanındakılar lazımdır. Onlar padşahın ətrafındakıları ələ almağa çalışırlar. Bizim bədbəxtliyimiz burasındadır ki, Toğrulun yanındakıların hamısını düşmənlər təyin eləmişdir. Buna görə də biz Toğrulun ətrafını yoxladığımız zaman o qədər də çətinlik çəkməyəcəyik, çünki yaxşını yamandan ayırmağımız lazım gəlməyəcəkdir. Bu sözlərdən sonra Əlaəddin Qızıl Arslana sual verdi: – Qütlüğ İnancın Rey hökumətində qalıb-qalmamasına dair fikriniz nədir? – Hazırda onu iş başından götürmək aralıqda gəzən dedi-qoduların genişlənməsinə səbəb ola bilər. Eyni zamanda, ona, Qətibənin təsirinə düşərək xarəzmlilərlə alış-verişə girməyə imkan verməyəcəyik. Müşavirə bitdi. Bir gün sonra qoşun iki xətt ilə Həmədan və İraqa irəliləməyə başladı. Onlardan birisi Təbriz Qəzvin xəttilə Həmədana, o biri hissə isə Bisütun tərəflərinə irəliləyəcəkdi. İki tərəfdən hücum edən ordu Bisütunda birləşəcək, Kirmanşah və Sərpul təriqilə Bağdadı mühasirə üçün gedəcəkdi; çünki Bağdad xəlifəsi Nəsirəddinbillahın özü də iraqlıları başına yığıb Toğrulun Bağdad qapısı olan Həmədandan köçürülməsi üçün hazırlıq aparırdı. * * * Qızıl Arslan yanındakı ordudan iyirmi min nəfər ayırıb Həmədan şəhərini işğal etmək üçün gedirdi. Toğrul Qızıl Arslanın Həmədana yaxınlaşdığını görüncə, onun qoşunla bərabər Həmədana girməməsi üçün bir heyət göndərdi. Əmrnamə məktubunda deyilirdi: “Paytaxtın vəziyyəti sənə məlum deyildir. Neçə müddətdir ki, qoşunun arasında üsyan davam edir. Azərbaycan qoşunu paytaxta yaxınlaşdığı zaman, iki qoşun arasında toqquşma baş verməsi ehtimalı vardır. Sən mənim iraqlılarla bağladığım müqavilədən xəbərsiz deyilsən. Xəlifənin məsləhəti ilə bağlanan müqavilədə İraqda və Həmədanda ancaq İraq qoşunlarının qalması şərt qoyulmuşdur. Buna görə də mən Azərbaycan qoşununun Həmədana, Bağdada və İraq-Ərəbə yaxınlaşmasına icazə vermirəm. Paytaxtdan icazəsiz bu qədər qoşunu səfərbərliyə alıb bu tərəflərə gətirməməli idin. Sənin bu hərəkətin qonşu hökumətlərlə olan dostluq əlaqəmizə fəna bir surətdə təsir edə bilər. Məktubu alan kimi qoşunları geriyə qaytarıb Azərbaycanın işləri haqqında məlumat vermək üçün hüzuruma gələrsən. Sənə qəti əmr verirəm: göndərdiyi qoşun Bisütundan o tərəf keçməməlidir. Xəlifə Nəsirəddinbillahdan aldığımız göstərişə görə Kirmanşah, Xanəqinə, Mahüdəşt, Şəhrəban və Qızıl Rübat tərəfləri Darüssəlam dairəsinə daxildir. Bu yerlər xəlifənin öz himayəsində olduğu üçün ayaq basılmazdır”. Qızıl Arslan Toğrulun göndərdiyi məktuba əhəmiyyət vermədi, oxuyub qəhqəhə ilə güldü və vəziri Şəmsəddinə müraciət edib: – Əlahəzrət icazə vermir, – dedi və qoşunun hərəkət etməsinə əmr verdi. Ordu Həmədana daxil oldu. Azərbaycan qoşunu şəhəri mühasirəyə alıb bir həftəyə qədər çadırlarda oturdu. Nəhayət, Qızıl Arslan qoşunun Bisütuna çatdığını və İraq ilə Həmədanın əlaqəsini kəsdiyini xəbər alınca öz sərkərdələri və vəzirləri ilə bərabər Həmədana girdi. Qətibənin göndərdiyi matəm heyəti Qızıl Arslanı şəhərin kənarında qarşıladı və Qətibənin göndərdiyi məktubu verdi. Məktubda bu sözlər yazılmışdı: “Mərhum qardaşınız üçün bir hökmdara layiq təziyə saxlamaq mümkün olmamışdı. Hökmdarın gəldiyini eşidib mərhumun təziyəsini təzələdim. Buna görə də Atabəy sarayına təşrif gətirib təziyədə iştirak edənlərin başsağlığını qəbul edəsiniz”. Qızıl Arslanın Atabəy sarayına getdiyi küçələrin hər tərəfi Azərbaycan qoşunları tərəfindən əhatə edilmişdi. Toğrulun tapşırığına görə Həmədan əyan və alimlərindən bir nəfər də olsa Qızıl Arslanın istiqbalında iştirak etmədi. Hətta qoşun və qoşun rəhbərləri də istiqbal edən dəstələrin içərisində görünmədi. Qızıl Arslanı istiqbal edənlər səmimi vətənpərvərlər və məmləkətin nicat yolunu Qızıl Arslan tərəfdarlığında görənlər idi. Küçələrdən: “Yaşasın Qızıl Arslan! Yaşasın Azərbaycan!” səslərindən başqa bir səs eşidilmirdi. Sarayın qarşısına yığılanlar işdən qovulan, nahaq cərimə edilən, mülkü və evi alınan, ticarət və dükanı İraq qoşunları tərəfindən qarət edilən azərbaycanlılardan ibarət idi. Atabəy meydanına yığılan bu qədər xalq Qızıl Arslanı görünçə bir daha “Yaşasın Azərbaycan hökmdarı!” – deyə qışqırdı. Qızıl Arslan və Atabəy Məhəmmədin oğlu gənc Əbubəkr atlarından piyada olub Atabəy sarayına daxil oldular. Onları yüzlərcə qulam və cariyələr istiqbal edib böyük salona gətirdilər. Qətibə xatun başından ayağına qədər qara matəm libasında Qızıl Arslanı qarşıladı və: – Xoş gəlib səfa gətirdin, hökmdar! – deyərək ağladı. Qızıl Arslan isə onun əlini öpərkən: – Mələkədən üzr istəyirəm. Atabəyin facianə ölümü barəsində məktub aldığım zaman təziyənizdə iştirak edə bilmədim. Çünki facianə ölümün xəbəri məmləkət daxilində rahatsızlığa səbəb olmuşdu. Hazırda mələkəyə bəyani-təziyət vermək və onun səhhətini soruşmaq üçün gəldim. Bu sözdən sonra Atabəy Məhəmmədin oğlu Əbubəkr irəli keçib ögey anasının əlini öpmək istərkən, Qətibənin heyrətli gözləri öz qarşısında sanki Atabəyin durduğunu görüb diksindi. Qızıl Arslan onu Qətibəyə təqdim edib: – Bu sizin oğlunuzdur. Anasına bəyani-təziyət vermək üçün gəlmişdir, – dedikdə, Qətibə də: – Oğlum! – deyərək onu bağrına basıb öpdü və ağladı. Atabəy sarayının yüzlərcə qulam və cariyələri iki saatdan bəri Qızıl Arslan və Əbubəkri rahat etmək və çimdirməklə məşğul oldu. Nəhayət, onlar Qətibə xatunun düzəltdiyi şam süfrəsinin başına dəvət olundular. Qətibənin özü şam süfrəsində iştirak etmədi, çünki qadınla kişilərin bir süfrədə oturması adət deyildi. Qızıl Arslan yemək süfrəsindən qalxmaq istərkən Fəxrəddin daxil olub şəhərin vəziyyəti barəsində məlumat verdi: – Hüsaməddin həbsə alınmışdır. Qoşun tamamilə tərk-silah edilibdir. Əlahəzrət Toğrulun vəzirlərinin hamısı öz evlərində həbsə alınmışdır. Əlahəzrətin saray qarovulları tərk-silah edilərək, yerlərinə Azərbaycan qoşunlarından təyin edilmişdir. Çadırlarda yerləşə bilməyən qoşunlar şəhərə daxil olub karvansaralarda və böyük evlərdə yerləşmişdir. Qoşuna yemək vermək üçün xüsusi dükanlar göstərilmişdir. Şəhərin əmniyyətini təmin etmək üçün gəzmə qoşun dəstələri çıxarılıbdır. Zəhir Bəlxi və Kəmaləddini indiyə qədər ələ keçirmək mümkün olmamışdır. Onların bir həftə əvvəl Həmədandan qaçdıqlarını söyləyirlər. Fəxrəddin məruzəsini bitirəndən sonra Qızıl Arslan əlavə əmrlər verib dedi: – Hər nə deyirəmsə, yadından çıxmamaq üçün dəftərinə yaz! Bu saat Həmədan şəhərinin qazısını və xətibi həbsə aldır. Azərbaycan ordusunun istiqbalına çıxmayan şəhər əyanları və şəhər ülamasının siyahısını tutub bir nəfərinə qədər həbsə aldır! Həmədan qalasını Azərbaycan qoşununun üzünə açmaq istəməyən qələbəyini darvazanın qabağında asdır və günahını yazdırıb döşünə yapışdır. Dükanlarını açmayıb şəhərə bahalıq salmaq istəyənlərin hamısını həbsə al və mallarını, evlərini qarət etdir. Həmədan şəhərindən bir nəfər də olsa kənara adam buraxmayın. Sabahdan etibarən hökumət idarələrində məsul işlərdə çalışanların siyahısını tutub, kimliyini təyin edin. Bütün dediklərimi həyata keçirəndən sonra yazılı olaraq əlahəzrət Toğrula belə xəbər verərsiniz: “Əlahəzrətin hökmranlığını müdafiə və onun taxt-tacını möhkəm etmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirdik. Əlahəzrətin bu barədə əlavə fərmanlarını gözləyirik. Həmədan şəhəri qoşununun fövqəladə mühafizə rəisi Fəxrəddin” Fəxrəddin baş endirib getmək istədikdə, Qızıl Arslan onu dayandırıb: – Bütün şəhərə elan verdirərsən, küçələrə carçı saldırıb əhaliyə bildirərsən: cümə günündən başlayaraq mərhum Atabəyin təziyəsi saxlanmalıdır. On gün tamam şəhərin bütün fəqirlərinə ehsan vermək lazımdır. Bunların hamısını həyata keçirilməsi üçün görülən işlər barəsində sabah axşam məruzəni eşidəcəyəm. Fəxrəddin baş endirib getdi. Qızıl Arslan da tək oturub Nizamiyə məktub yazmağa başladı: “Möhtərəm şair! Təbrizdən çıxdığım iyirmi bir gündür. Bunun on dörd gününü yolda olmuşam. Havaların istiliyi qoşunun sürətli hərəkətinə mane oldu. Biləks biz Təbrizdən Həmədana 9 günə gəlməli idik. Mən özüm ancaq rəcəbin yeddisində Həmədana gəlmişəm, bir həftədir ki, şəhərin kənarında oturub şəhərə girmiş Azərbaycan qoşunu ilə şəhər xalqının nə cür rəftar etdiyini öyrənirdim. Təsadüf etdiyim maraqlı hadisələrdən birisi Həmədan üləma və Həmədan ruhanilərinin Azərbaycan ordusuna qarşı aldığı düşmənanə vəziyyətdən ibarətdir. Şübhəsizdir ki, mən şəhəri işğal edən qoşuna, üləmaya, ruhanilərə toxunulmaması və ehtiram göstərilməsi barəsində xüsusi tapşırıq vermişdim. Lakin bir həftədən bəri şəhərin vəziyyətinə dair əldə etdiyim məlumatda, ruhanilərin məscidlərdə əleyhimizə təbliğat apardıqları xəbər verilir. Xüsusən qazı və xətibin minbərlərdən əhaliyə: “Bəla dənizlərinin ləpələri gəlir” – deyə bizim gəlməyimizlə əhalini qorxuya salması məni düşündürür. Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. Doğrudan da, Şərqdə (İslam Şərqində) vücuda gələn ixtilafların əsas mənbəyi din qanunları ilə hökumət qanunlarının qohum olmasındadır. Buna görədir ki, bir çox təsadüflərdə ruhanilər bilavasitə hökumət qanunlarının icraya keçməsi işində iştirak edir və hətta hökumət kişilərinə təsir göstərməyi də bacarırlar. Məmunun xülasələrinin əsas yeri də bu nöqtədən ibarətdir. Lakin, hazırda biz məsələni açıq qoya bilmədiyimiz kimi, Məmun da öz xülasələrində sözünü açıq deyə bilməmişdir. Mən belə bir etiqada gəlmişəm ki, xülasədə Məmunun hədəf etdiyi nöqtə Qurandan ibarətdir. O demək istəmişdir ki, hökuməti əsri qanunlar, yəni mühit və şəraitdən alınan təcrübələr əsasında qoyula biləcək qanunlarla idarə etmək lazımdır. Ancaq bu yolu əsas tutmaqla Quranın və ruhanilərin nüfuzunu məscidlərin çərçivəsində bağlayıb saxlamaq mümkün olardı. Həmədan üləmasının mənə qarşı aldığı düşmənanə vəziyyət də göstərir ki, məmləkətin alimləri və ruhaniləri üçün möhkəm və iradəli hökmdar əlverişli deyildir. Onlar üçün zəif hökmdarlar gərəkdir ki, hökumət işlərinə asan bir surətdə müdaxilə edə bilsinlər. Bilmirəm, Məmunun xülasələrində olan əsas nöqtələrdən birisi olan Quran tərcümələri məsələsinə diqqət verdinizmi ya yox? Məmunun bütün təğyir və tərcümələrini müqayisə etdirməkdən məqsədi hər bir ruhaninin və hər bir təğyirçinin Quranı öz şəxsi məqsədinə uyğun bir surətdə təğyir etməsi macərasını meydana çıxarmaq istəməsi məqsədindən ibarət imiş. Məncə, biz buna nail ola bilsəydik, böyük bir iş görmüş olardıq. Biz onda xalqa göstərə bilərdik ki, doğrudan da, Quranla hökuməti yoxdur, ancaq dini idarə etmək lazımdır. Ruhanilərin avam xalqı öz tərəflərinə çəkə bilməsi və onları Quranın qara cildinə təhkim edib saxlaya bilməsi səbəblərinin başlıcası peyğəmbərə xariqüladə sifətlər verməklərindən ibarətdir. Mən hələ Təbrizdə ikən Məhəmmədin meracına dair yazdığınız əsəri aldım. Onu özümlə bərabər götürmüşdüm. Yolda diqqətlə oxudum. Bədii cəhətləri olduqca xoşuma gəldi. Sonra əsərlə bərabər göndərdiyiniz məktubda mənə bir sual verib soruşursunuz: “Hökmdar, yaz görüm bu meracnaməni yazmaqda mən nə kimi bir məqsədi təqib etmişəm?!” Əlbəttə, əsas məqsədiniz o qədər də aydın deyil. Lakin bundan da aydın yazmağınızı məsləhət görməzdim. Çünki hələ çox tezdir. İndi sizin meracnaməni yazmaqdan əsas məqsədinizə keçək. Siz çox sənətkarcasına yazdığınız bu meracnamədə Məhəmmədin meracı məsələsini rədd edirsiniz və orada göstərirsiniz ki: “Məhəmməd göylərə, mələkut aləminə getmədi, onun fikri o qədər sürətli və iti idi ki, o yerində oturduğu zaman onun fikrinin atı yuxarı aləmləri seyr edə bildi. Təbiidir ki, bu fikir qismən peyğəmbərə verilən xariqüladəliyi azaldır. Ancaq bu yol ilə həqiqətə çatmaq olar. Ruhanilər Quranın həyati məsələlərdə olan ibtidailiyini gizlətmək istədikləri üçün onu anlaşılmaz bir şəklə salmağa və onun adi ünsürlərinə belə xariqüladəlik verməyə çalışırlar. Sizə demək istəyirəm ki, Şərq ruhaniləri bu silahı öz əllərindən çox asanlıqla buraxmayacaqlar. Doğrusu, bu işin gələcəkdə daha da dərinləşməsi və islam dünyasını fəlakətlərə salmasından qorxuram. Hazırda Həmədan ruhanilərini həbsə aldırmışam. Siz bilirsiniz ki, burası Şərq mövhumatını idarə edən Bağdad xəlifəsinin qulağının dibidir. O, işə müdaxilə edəcəkdir. Lakin mən öz işimi özüm istədiyim kimi aparacağam, silahlı qüvvəm olduqca güclüdür. Nəticəni isə yazaram. Həmədan, 7 rəcəb, Qızıl Arslan” * * * Qızıl Arslan Toğrulun görüşünə getmədi və onu bir hökmdar hesabına qoyub əlini öpmək istəmədi. Buna lüzum da yox idi. Çünki Atabəyə təziyə saxlandığı üçün Toğrul təziyə məclisinə gəlməli və Qızıl Arslanla orada görüşməli idi. Təziyənin birinci günü Toğrul öz oğlu Məlikşah ilə bərabər təziyə məclisinə gələcəyini xəbər verdi. O, məclisə daxil olduğu zaman Qızıl Arslan da təziyə məclisində olanlarla bərabər ayağa qalxdı. Toğrul əlini ona öpdürmək üçün hazırlandığı zaman Qızıl Arslan özünü bilməməzliyə vurub onun oğlu Məlikşahı qucaqlayıb öpdü və öz yanında əyləşdirdi. Toğrul təhqir olunduğunu heç bir kəsə sezdirmədən keçib yuxarı başda oturdu və Atabəyin oğlu Əbubəkri yanına çağırıb öpdü və kefini soruşdu. Toğrul təziyə məclisində çox otura bilmədi. Əvvələ, təhqir olunmuşdu. İkinci də, məclisdə özünə müqabil adamlar görmədi. Məclisdə olanlar tamamilə Azərbaycan qonşu sərkərdələri, bir də Həmədanda olan azərbaycanlılardı. Buna görə də qalxıb getdi. Bu hadisə Qızıl Arslanla Toğrul arasındakı açıqlığı bir daha genişləndirdi. Təziyə günləri bitmədən Qızıl Arslan işə başladı. Birinci növbədə Bağdad xətibi ilə Bağdad qazısını və qəzavətxana üzvlərini Həmədandan Bağdada sürgün etdirdi və yerlərinə başqalarını təyin etdi. Təzə təyin edilən qazılara ancaq din və məscid işləri ilə məşğul olmaları və hökumət işlərinə müdaxilə etməmələri tapşırıldı. İkinci təşəbbüs Toğrulun qarətçi vəzirlərinin məsələsini həll etməkdən ibarət idi. Onların bütün sərvətləri, malikanələri və ev şeyləri xəzinə hesabına alındı, özləri isə həbsə alınıb Şimali Azərbaycandakı Ələnciq qalasına göndərildi. Üçüncü təşəbbüs də xəzinədə olan qiymətli şeylərin yoxlanılması idi. Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. Qızıl Arslanın qərarına görə israflar və qiymətli şeylərin hamısı xəzinəyə qaytarıldı. Dördüncü təşəbbüs, hökumət idarələrinin yoxlanması idi. Yoxlama zamanı idarə işçilərinin əksəriyyətlə ərəblər və farslardan ibarət olduğu meydana çıxdı. Bunların hamısı Bağdad və fars vilayətlərinə sürgün edilərək yerlərinə azərbaycanlılar təyin olundu. Beşinci təşəbbüs də Toğrul üçün təzə vəzirlər təyini idi. Bu işə başlanıldı və onlara hökumət işlərini nə cür aparacaqları üçün vaxt ikən hazırlanmış göstərişlər və dəstürüləməl verildi. Altıncı təşəbbüs, vəliəhdlik məsələsindən ibarət idi. Qızıl Arslan Atabəy Məhəmmədin oğlu Əbubəkrə bir dəstə qoşun verib dedi: – Sən mənim köməkçim və vəliəhdimsən. Sən bu qoşunla Təbrizə gedib Azərbaycanı idarə edəcəksən. Şəmsəddin mənim vəzirimdir. Onun məsləhətlərini daima eşit. Gənclərdə fəaliyyət vardır. Qocalarda isə tədbir və həyat təcrübəsi vardır. Mükafat verdiyin şəxsiyyətlərin dəyərini yoxla; cəza verdiyin zaman bəşəri münasibətləri unutma, günahı tərəzinin bir gözünə, cəzanı da başqa gözünə qoyub ölç, artıq-əskik olmamasına imkan verməməlisən. Məhkəmələrdə xalq ancaq hökuməti görməlidir. Ruhaniləri və qazıları ancaq məscidlərdə və qəzavətxanalarda görməlidir. Din və məzhəbə qarşı çıxanların mühakiməsi zamanı qəzavət məhkəmələrində hökumətin qəti səsə malik olan nümayəndəsi olmalıdır. Bacarsan, kəndlinin xırmanından quşların belə toxum oğurlamasına imkan verməmə. Mülkədarların əşar qanununu ayaqlamasına imkan verməməlisən. Özünü o qədər adil göstərməlisən ki, dul qadınlar belə dərdini sənə demək üçün gəlsinlər. Xalqdan heç bir vaxt gizlənmə, çünki hökmdar xalqın içərisində olduğu zaman nüfuzlanır. Xalqın böyük-kiçiyinə hörmət qoy. Rəiyyətin varlısı da, yoxsulu da rəiyyətdir. Onların hamısını bir gözdə görməlisən. Şairlər, ədiblər və alimlərin söhbətlərini qənimət bil. Ümumi məclislərdə lazım olmayan sözləri danışma, çünki hökmdarın danışdığı sözlər qanundur. Keçmiş tarixi oxu, keçmiş şairlər və ədiblərin əsərlərindən bacardıqca ələ gətirib tanış ol, çünki onların sözləri yaşadıqları əsrin xalqının iradələri əsasında qurulmuşdur. Səni mədh edənlərə mükafat vermə. Sənin rəiyyətpərvər olmadığını, rəiyyəti vəzirlər və hökmdarların kef-mayəşasına buraxdığını nəsihət və tənqid yolu ilə göstərənlərə mükafat ver. Bacardıqca dünya işləri ilə məşğul ol, axirət işlərilə məşğul olanlara manea törətmə, çünki bu məsələdə səni dindən xaric hesab edə bilərlər. Bizim qorxulu məsələmiz bundan ibarətdir. Qızıl Arslan Əbubəkrə bu nəsihətləri verəndən sonra Təbrizə göndərdi. * * * Qətibənin sürgün edilməsi Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı. Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi: “Möhtərəm hökmdar! Sizin özünüzə bəllidir ki, Fəxrəddin mənim atamın qatilidir. Onu həmişəlik Həmədanda görmək mənim üçün olduqca ağırdır. Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir”. Qızıl Arslan Qətibənin qısa məktubuna çox uzun bir cavab yazdı. “Hörmətli mələkə! Məmləkət işlərinin doğru bir hərəkətlə idarə olunması üçün tək-tək şəxslərin arzu və mənafeyi heç bir vaxt nəzərə alınmamalıdır. Hərgah möhtərəm mələkə üçün atasının qatilini görmək çətindirsə, mənim üçün də qardaşımın qətlində iştirak edənləri görmək çətindir. Lakin məmləkətin düşdüyü bugünkü vəziyyət şəxsi məsələlərlə məşğul olmağı sizə də, mənə də tövsiyə etmir. Sizə məlumdur ki, 15 gün bundan əvvələ qədər Həmədanda Eldəniz xanədanı hökmranlığından bir əsər belə yox idi; hökumət ərəb-fars nümayəndələrinin və Xarəzmşah casuslarının əlində idi. Bu gün mən hökuməti yabançıların əlindən alıb öz həqiqi varislərinin əlinə tapşırıram. Bu təşəbbüslərə razı olmayanlar bizim məmləkətin düşmənidir. Mən də belələri ilə mübarizə aparmaq üçün gəlmişəm. Möhtərəm mələkənin şəxsi həyat məsələsinə gəldikdə, bu barədə qərar çıxarılmışdır. Oğlunuz Qütlüğ İnancın hökumət işlərində təcrübəsizliyi sizin kimi ağıllı və tədbirli bir qadının köməyini tələb edir. Siz ona yaxından kömək verməlisiniz. Bir halda ki, onun idarə etdiyi məmləkətin düşmənləri olduqca həris və qorxuludur, oğlunuzun xətrinə siz öz bacarıq və tədbirinizlə ona kömək etməlisiniz. Bunları nəzərə alaraq rəcəb ayının 29-da Rey məmləkətinə 15 min nəfərdən ibarət bir ordu göndərirəm. Mələkənin özü də hazırlıq görüb ordu ilə bərabər Həmədandan Rey məmləkətinə getməlidir”. Qızıl Arslan tərəfindən göndərilən bu məktub Qətibənin dünyasını dəyişdi. O heç bir vaxt özünün Həmədandan sürgün ediləcəyinə inanmırdı. Qalmaq üçün çarə, kömək istəmək üçün adam tapa bilmirdi. Hüsaməddin həbsxanada, Zəhir Bəlxi və Kəmaləddin qaçmış, Toğrul isə hərəmxanasına qapanmışdı. Toğrulun yanına getmək mümkün deyildi. Onun qapısının keşikçi və qarovulları tamamilə azərbaycanlılardan ibarət idi. Toğrul özü isə Qətibənin görüşünə gedə bilmirdi, çünki Qızıl Arslan Atabəy sarayında mənzil etmişdi. Nəhayət, Qətibə yenə də köhnə dostu Səba xanımı xatırladı. O, təcili surətdə Qasımabad kəndinə adam göndərib, Səba xanımı saraya çağırdı. Bunsuz da Səba xanım saraya qayıtmaq üçün bir vasitə axtarırdı. Bir gün sonra Səba xanım gəldi. Qətibə onun gəlişindən sevindi və öz dərdini açıb ona danışdı. Onun düşdüyü vəziyyət Səba xanımı həddindən artıq düşündürdü, Səba xanımın bütün ümidləri qırıldı, çünki Qətibə Həmədandan köçüb getdiyi vaxt, o öz gəlir mənbələrindən məhrum ediləcəkdi. Halbuki onun pula həddindən artıq ehtiyacı var idi. Əlində hər nəyi varsa, Qasımabad kəndində tikdirdiyi sarayına xərcləmişdi. Lakin hələlik sarayın zirzəmilərini tikdirib bitirməmişdi. O, ümid edirdi ki, Toğrul və Qətibədən əldə edəcəyi mükafat ilə sarayı tikdirib qurtara biləcəkdir. İndisə bir tərəfdən Qətibə gedir, o biri tərəfdən də Fəxrəddin Həmədan şəhərinin mühafizə qoşununun rəisi təyin olunmuşdur; onun Həmədanda qalması üçün heç bir vəchlə imkan buraxmayacaqdır. Nəhayət, Səba xanım başını qaldırıb Qətibəyə baxdı və dedi: – Mələkəyə də yazığım gəlir, özüm də qorxuram, çünki bir daha Fəxrəddinə təsadüf edərsəm, o məni başlı-başına buraxmaz. Bu işdən ölüm qoxusu gəlir. Rica edirəm möhtərəm mələkə bu vəzifədən məni azad buraxsın. Qətibə yalvardı: – Yaxşı günümdə kömək etmisən, yaman günümdə də kömək et! – dedi. – Qorxuram. İndi nə kimi bir zaman olduğunu bilirsinizmi? Mən hələ Qasımabad kəndindən də çıxıb, bir tərəfə qaçmaq istəyirdim. Siz mənim Fəxrəddinlə olan düşmənliyimi yaxşı bilirsiniz. Mən onu Bağdadda ölümə aparmaq istəyirdim o, bunların hamısını anlamışdır. – Heç olmasa mənim bir məktubumu Toğrula aparıb cavabını gətir. Burada heç bir qorxu yoxdur. Üzü örtülü qadınsan, kim sənin Toğrul sarayına getməyinə mane olacaqdır? Səba xanım Qətibəyə qəti söz demədi, ancaq: – Eybi yoxdur, qoyun bir az fikirləşim. Sabah mələkəyə xəbər verərəm, – dedikdə, Qətibə: – Sabaha qoya bilmərəm, gecdir. Ordu Rey səmtinə keçmək ərəfəsindədir, – dedi. Səba xanım bu vəzifəni bitirmək üçün beş yüz qızılla razı oldu. Qətibə məktubu yazdı: “Əlahəzrət! Neçə günlərdi ki, əlahəzrətin vücudunun səhhəti və səlamətliyi barəsində bir məlumat əldə edə bilməmişəm. Lakin hər nə olursa olsun, vəziyyətin ümumi mündəricəsi mənim üçün aydındır. Sizə bir şeyi bildirmək istərdim: həşəmətli Qızıl Arslanın əmr və məsləhətinə görə bu günlərdə mən Rey məmləkətinə getməliyəm. Bu barədə əlahəzrətin fikrini bilmək istərdim. Elə bilirəm ki, əlahəzrət istəsəydi, mən bu səfəri təxirə sala bilərdim. Çünki mənim paytaxtdan uzaqlaşmağım özüm üçün də, əlahəzrət üçün də əlverişli deyil. Hərgah əlahəzrət bu barədə bir iş görə bilsəydi, mən hazırkı vəziyyətin altından qalib çıxa bilərdim”. Qətibə məktubun cavabını böyük intizarla gözləyirdi. Axşam qaranlıq düşdüyü zaman Səba xanım məktubun cavabını gətirdi. Lakin cavab gəlmədən qabaq, Qızıl Arslanın nümayəndəsi Qətibə xatunun yanına gedib səfər hazırlığının bitdiyini xəbər vermişdi. İş işdən keçdiyinə baxmayaraq, Qətibə məktubu açıb oxudu. Toğrul yazırdı: “Möhtərəm mələkə! Həşəmətli hökmdar Qızıl Arslanın mələkə haqqında çıxardığı qərar, mələkənin özü üçün də, məmləkət üçün də, hətta sizin oğlunuz Qütlüğ İnancın gələcəyi üçün də məsləhətdir. Siz özünüz bilirsiniz ki, bu vəziyyət içərisində sizin bir mələkə kimi Həmədanda yaşamağınız imkan xaricindədir. Bu səfərdən mələkə üçün səadət qisməti və salamatlıq diləyirəm!”. Qətibə məktubu oxuyub üzərinə tüpürdü: – Tfu! Əclafın birisi, sən elə bilirsən ki, mən Rey məmləkətinə getdiyim zaman sənin yaxan mənim əlimdən qurtaracaqdır? Sizin nəslinizi məndən başqa heç bir qüvvə Yer üzündən silə bilməyəcəkdir! * * * Hüsaməddinin həbsxanadan qaçması – Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir. Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur. Qızıl Arslan hələlik ruzigarın topunu çövkanın burnuna alıb oynadır; hələlik o, bayram etməkdədir. Fələyin çərxi onu yuxarı mərtəbələrə qaldırmışdır. O, dünyanın güzgüsündə ancaq özünü görür. Lakin mən sənə söz verirəm ki, o bir gün bu qumarda uduzacaqdır. Onun başladığı oyun çox qorxulu oyundur. Bu oyunu ondan böyükləri apara bilməmişdir. O, Məmun xəlifədən artıq deyildir. Qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir. Xəlifə tərəfindən təsdiq edilən padşahı xanənişin edir. Bu dediklərimi hər kəs ona bağışlarsa-bağışlasın, lakin xəlifə bu günahı bağışlamayacaqdır. Bu sözlərin hamısını Qətibə xatun Səba xanıma deyirdi. Səba xanım başını aşağı salıb Qətibə xatunun dediklərini öz qəlbində götür-qoy edirdi. Qətibə isə ona bir sual verdi: – Əcəba, dediklərimin hamısı doğru deyildirmi? Səba xanım gözünün birisi ilə çiyninin birisinə hərəkət verib: – Doğru olmasına doğrudur, lakin bu doğruluq bizi vəziyyətin ağırlığı altından çıxara bilməz, – dedi. – Mənim də istədiyim odur ki, sən bu sözlərin doğruluğuna inanasan və anlayasan ki, insanların dəyəri ancaq ağır və qorxulu zamanlarda bəlli olur. Ağır çəkiclərin altında ancaq möhkəm dəmirlər davam edə bilər. Əzilib məhv olanlar ancaq çürüklər və dəyərsizlərdir. Hazırda Qızıl Arslan həbsə alınanları cəzalandırmağa və edam etdirməyə başlayıb. Sən elə güman etmə ki, Hüsaməddin azacıq bir cəzadan sonra Qızıl Arslanın əlindən qurtara biləcəkdir. Onu edam cəzası gözləyir, özü də edam ediləcəkdir! Burada məni qorxudası bir təhlükə yoxdur. Lakin sən Hüsaməddini tanıyırsan, onda çox möhkəmlik yoxdur. O, azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. Zəhir Bəlxi və Kəmaləddin aradan çıxdı. Onlardan nigaran deyiləm, lakin Hüsaməddini həbsxanada qoymaq, bizim üçün böyük təhlükədir. Sən elə bilmə ki, o məni Rey məmləkətinə göndərməklə işləri bitirmiş olur. Onun özü məni Reydən çağırmağa məcbur olacaqdır. İndilik Hüsaməddinin istintaqı başlanmamış həbsxanadan azad edilməsi lazımdır. Ondan sonra hər şey mənim öhdəmədir. Qətibənin bu sözlərindən Səba xanım gülümsündü: Qətibə isə: – Nə oldu? Sözlərim beyninə batmadımı? – deyə soruşduqda, Səba xanım da: – Bilmirəm, biz Hüsaməddini nə kimi vasitələrlə həbsxanadan qurtara bilərik... – Həbsxananın qapısında duran kişilərdirmi? – Bəli, kişilərdir. – İndi ki, onlar kişilərdir, sən də gözəl bir qadınsan, sən öz işini düz qura bilsən, hər şeyi bacara bilərsən. Qısasını deyirəm: təhlükəni bir tərəfə ataq, biz azad ola-ola Hüsaməddini boynunu Fəxrəddinin sabunlanmış ipinə keçirmək tarixi bir xəyanətdir. Bu ləkə həmişəlik bizim boynumuzda qalar. Get, yaxşı düşün, mən və sən burada ikən Hüsaməddini qaçırtmaq lazımdır. Səni də özümlə bərabər Rey məmləkətinə aparacağam, sonra tezliklə səninlə bərabər Həmədana qayıdacağam. Sənin bu xidmətlərin nə mənim, nə də Hüsaməddinin yanında itməz. Biz yalnız Hüsaməddini qurtarmaq deyil, bununla Fəxrəddinə böyük bir sillə vuracağıq. Qızıl Arslan onun dəyərsizliyini və ehtiyatsızlığını görüncə yerinə başqasını da təyin edə bilər. O ki qaldı sənin mükafatlanmağına, bu barədə mənə əmin ola bilərsən. * * * Cümə axşamı olduğuna görə həbsxananın qapısında duran qadınların sayı bir az da artmışdı. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. Hamıdan sonra qara örtü salmış bir qadın da qapıda duran qarovula yanaşıb gətirdiyi ehsanların məhbuslara verilməsini rica etdi. Qarovul ehsanı alıb içəridə duran keşikçiləri səslədi; onlar dərhal gəlib qadının gətirdiyi ehsanları məhbuslara paylamaq üçün apardılar. Qadın ehsan gətirdiyi qabları geri almaq üçün qarovulun yanında durub gözləyirdi. Qarovul əlində nizə o tərəf-bu tərəfə gedirdi. O, qadına yaxınlaşdığı zaman qadın ona sual verdi: – Hər gün ehsan gətirmək mümkündürmü? – Nə üçün də mümkün deyil? Ehsan sahibinin mərhəmətindən asılıdır. Qadın qarovul ilə danışdığı zaman üzünün bir tərəfi açıldı, qarovul görmək və diqqət vermək istərkən, qadın üzünü sürətlə örtdü. Qarovul isə nizəsinə dayanıb durdu, qadın artıq üzünü göstərmədi. Qadın daha gəzmək istəmirdi. İçəridən qablar gətirilənə qədər qarovul durub çox diqqətlə qadına baxırdı. İçəridən qabları gətirdilər, qadın qabları süfrəyə bağlayıb götürmək istərkən qarovul ona sual verdi: – Mərhəmətli xanım yenə də ehsan gətirəcəkdirmi? – Bəlkə də gətirdim. – Mümkünsə tez-tez gətirin, burada elə məhbuslar vardır ki, heç bir kəsi yoxdur. Onlar ancaq ehsanlarla yaşayırlar. – Məhbuslarınız çoxdurmu? – Çoxdur, lakin yavaş-yavaş azalır. – Yoxsa onları azad edirlər? – Xeyr, burada saxlanılanlar azad edilməli adamlar deyil, onların bir hissəsi sürgün edilir, bir hissəsi də edam olunur. Qadın bir az düşünəndən sonra: – Əlbəttə, belələrinə ehsan gətirmək lazımdır. Mən yenə də sabah bu vaxt burada olacağam. Əcəba, məhbuslara gətirilən ehsanı ancaq siz cənabmı qəbul etməlidir? – Xeyr, hər kəs qəbul edər. Lakin istəyirəm ki, xanım gətirdiyi ehsanın savabında mən özüm də iştirak edim. – Xudavəndi, gör nə qədər alicənab adamlar var imiş! Hər kəs sizin qədər alicənab və nəcib olsaydı, bir daha həbsxanalara ehtiyac qalardımı?! – Elədir, möhtərəm xanım. Burada elə igidlər yatır ki, adlarını çəkən belə yoxdur. Əllərinə hər kəs düşübsə həbsə alıblar. Həbsxana xidmətçilərinin peşəsi ip sabunlamaq və günahsız adamların boğazına keçirmək olubdur. – Bəs sizin onlara rəhminiz gəlirmi? – Nə üçün də gəlmir. Lakin əlimizdən nə gələr? – Sizin əlinizdən çox şey gələr!.. Qadın artıq danışmadı. Gedərkən qarovulun ovcuna bir qızıl qoyub, xeyir-dua verib ayrıldı. Ehsan gətirmək davam edirdi. Qadın bəzən ehsanı gündə iki kərə, səhər və axşam gətirirdi. Qarovullar isə onu küçədə küləkdə və yağış altında saxlatdırmayaraq; içəri girməsinə icazə verirdilər. Bəzən məhbuslar həyətə çıxdıqları zaman qarovullar qadını onlara göstərib: – Sizin qeydinizə qalan və sizə ehsan gətirən bu möhtərəm qadındır, – deyirdilər. Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün də yemək gətirirdi. Yeməkdən əlavə, hər dəfə həbsxanaya gəldiyi zaman, qarovulların da hər birisinə bir qızıl hədiyyə verirdi. Buna görə də o, həbsxana müdirinin otağına qədər yol tapmışdı. Son günlər o, ehsan gətirdiyi zaman həbsxana müdirinin otağında oturub gözləyirdi. Müdir ehsançı və səxavətli qadınla həddindən artıq maraqlanırdı. O həm gözəl, həm də zəngin idi. Axşamların birində müdir qadına belə bir sual verdi: – Nə üçün hər dəfə siz özünüz ehsan gətirirsiniz? Evinizdə bu vəzifəni ifa edə biləcək bir kişi yoxdurmu? – Əvvəla, evimizdə kişi tayfası yoxdur, ikinci də ehsandan alınacaq savabı şəxsən özüm mənimsəmək istəyirəm. – Əcəba, əriniz yoxdurmu? – Ərim var idi. O, Bağdadda böyük bir vəzifə sahibi idi. Hərbi xidmətdə idi. Nəhayət, xəlifə onu vətənpərvərlikdə töhmətləndirdi, həbsə aldırdı. Həbsxanada xəstəlikdən öldüyünü söylədilər. Lakin alınan məlumata görə orada zəhərləmişdilər. Artıq heç bir kəsimiz qalmadı. Bir qayınanam var, o da bu günlərdə öləsidir. O çox qocadır. Mənim məhbuslara ehsan etdiyimin əsas səbəblərindən birisi də cavan və bədbəxt ərimin həbsxanada ölməsidir. O böyük bir sərvət qoyub getmişdir. Həmin sərvəti məhbuslara sərf edəcəyimə and içmişəm. Qadın bunları danışaraq ağladı və dərhal dəsmalını çıxarıb gözünün yaşını silmək istərkən, üzünün bir tərəfini yenə də müdirə göstərdi. Müdir artıq onun bir afət və bir dilrüba olduğunu tamamilə təyin etdi və öz-özünə “əri yoxdur, gözəldir, həm də zəngindir. Bu qədər möhtərəm, səxavətli, ağıllı bir qadına evlənmək nə qədər xoşbəxtlikdir” – dedi. Qadın hər dəfə durub getmək istərkən, müdir ona başqa bir sual verib dayandırırdı. Nəhayət, qadın: – Qaranlıq düşür. Qayınanam intizardadır. O, məndən nigaran qalar. Bir də budur ki, həbsxana müdirinin otağında çox oturmaq uyğunsuzdur. Bunun üçün sizi də rahatsız etmiş olaram. Bəlkə burada sizdən də yuxarı vəzifə daşıyanlar vardır. Mənim səbəbimə üzünüzə söz gələcəyini və məzəmmət alacağınızı istəmirəm, – dedikdə, müdir qadının bu sözünə etiraz edərək: – O barədə düşünməyin, burada məndən yuxarı vəzifə daşıyan heç kəs yoxdur. Həbsxana mənim ixtiyarımdadır. Uca vəzifədə olanların özləri bura gəlməz, ancaq adamları gəlib bizə əmr gətirirlər, – dedi. – Nə üçün əmrlər gətirirlər? – Sürgünə göndərilənləri və edam edilənləri aparmaq üçün əmr gətirirlər. – Əmrləri verən kimdir? – Əmrləri verən Həmədan şəhəri mühafizəsi qoşunlarının rəisi Fəxrəddin adlı bir adamdır. – Onun heç bir rəhmi, insafı yoxdurmu? – Yoxdur. Başqalarını edam edir etsin, sözümüz yoxdur, bizim öz yerlərimizi də məhv edir. O elə qəhrəmanları məhv edir ki, bir daha məmləkətimiz o cür adamları yetirə bilməz. – Siz hansı məmləkətdənsiniz? – Biz Azərbaycan tərəfindən gəlmişik. – Demək ki, siz də mənim kimi qürbət vilayətdənsiniz? – Əcəba, siz buralı deyilsinizmi? – Xeyr, mən buralı deyiləm. Mən də qürbət vilayətlərdən gəlmişəm. Ərimi axtarmaq üçün Bağdada getmişdim, qayınanam da mənimlə bərabər idi. Onun özünü deyil, ölüm xəbərini tapdıq, indi isə onu burada buraxıb qardaşımı axtarmaq üçün gedirəm. – Qardaşınız haradadır? – Reydə olduğunu xəbər verən vardır. Bəziləri deyirlər ki, o, Xarəzm məmləkəti hüdudundadır. Bu yaxınlarda alınan xəbərə görə o, Səlahəddin Əyyubunun ordusu ilə bərabər Qüds şəhərinin altında müharibə edir. Hər halda hansı bir tərəfə gedəcəyimi və onu harada axtaracağımı özüm də bilmirəm. – Qardaşınızın adı nədir? – Qardaşımın adı Hüsaməddindir. Müdir Hüsaməddin adını eşitdiyi zaman duruxdu, qadının üzünə təəccüblə baxdı, dərin bir fikrə cumdu və öz-özünə: “Siz Allah, təsadüfə baxın!” – dedi. Qadın ağlayırdı, sanki həyəcanından çöhrəsini açdığını unutmuşdu. Müdir də öz növbəsində onun gözəl və aldadıcı çöhrəsini gördüyü zaman, hər bir təhlükəni, hər bir uçurumu xəyalından silmişdi. O, qadına yaxşılıq etmək və nəticədə onun məhəbbətini qazanmaq xülyalarını daşıyırdı. Nəhayət, müdir fikirli baxışını qaldırıb qadına baxdı və onun ağladığını görüb dedi: – Sizi başa düşürəm, gözəl və möhtərəm xanım, qadın üçün qardaş məhəbbəti ər məhəbbətindən daha artıq və daha qiymətlidir. Çünki özümüz də qardaş olmuşuq, özümüz də bacı məhəbbətini dadmışıq. Mən elə zənn edirəm ki, bacılar qardaşın uğrunda hər cür fədakarlığa qarşı güzəştə gedə bilərlər. Qadın gözlərini silərək: – Elədir, doğru deyirsiniz, mən bir kərə Hüsaməddini görmək üçün öz varlığımı fəda edə bilərəm. Buna and içmişəm. Mən ərimdən sonra bir daha ərə getməmək üçün and içmişdim, lakin qardaşımın xəbərsiz yox olduğunu eşidəndən sonra andımı dəyişdim. Qadın bu sözləri dedikdən sonra utanıb, başını aşağı saldı. Müdir isə ona sual verdi: – Möhtərəm xanım andını nə üçün dəyişdi? Onu mənə söyləyə bilməzsinizmi? – Nə üçün söyləyə bilməyim? Hər kəs mənim qardaşımı mənə versə, mən onun izdivac təklifini rədd etməyəcəyəm. Müdir üçün bu təklif olduqca ağır idi. O, Hüsaməddini qadına qaytara bilməyəcəkdi. Eyni zamanda, qadına qardaşının həbsxanada olduğunu da xəbər verməkdən qorxurdu, bacı üçün bu qədər qara xəbəri eşitməyin nə qədər ağır olduğunu müdirin özü də hiss edirdi. Lakin müdir təsadüf etdiyi bu gözəl qadının arzularına kömək etməyi də bacarmırdı. Buna görə də qadını əvvəlcə bu xəbərin ağırlığına öyrətmək və ona xəbər verəcəyi hadisənin təsirini azaltmağa çalışaraq dedi: – Hazırda dünya o qədər qarışıqdır ki, hadisələr heç bir zaman bacı-qardaş arasında olan məhəbbətlə hesablaşmır, kim bilir, qardaşınızı harada tapacaqsınız. Bəlkə də o bir xəstəxanadadır, bəlkə də sürgündədir, yaxud da bir həbsxana bucağında yatır. Nə edəcəksən?! Qəzaya təğyir verməyi kimin imkanı vardır? Qəzavü-qədərin ağırlığını biz çəkməsək bəs kim çəkəcəkdir? Məncə bu məsələnin həllini iqbalın öz ixtiyarına buraxmaq daha əlverişlidir. Yaxud da onu axtarmaq və tapmaq üçün getdikcə onun həbsdə olduğunu gözünüzə alın. – Hər halda nə olursa olsun, bir kərə onun üzünü görmək və salamat olduğunu yəqin etmək mənim üçün kifayətdir. – Əcəba, mən qardaşınızı göstərsəm, öz andınıza vəfa edə bilərsinizmi? – Andı yerinə yetirmək üçün şərait mövcud olursa, nə maneə vardır. – Mən də qəribəm, ailəm də yoxdur. Özüm də çox nəcib ailədə doğulmuşam... – Sizin alicənablığınız nəcib ailədən olduğunuzu göstərir. – Siz əhdinizə vəfa edəcəyinizə and içə bilərsinizmi? – Qardaşımın canına and içirəm! – Lakin sizdən bir ricam vardır: qardaşınızı gördüyünüz zaman həyəcan keçirməməli və qışqırmamalısınız! Hərgah bu sirr yanınızda qalarsa, bunu bir kimsəyə bildirməsəniz, hər gün axşam bu zaman qardaşınızı burada görə bilərsiniz. – Mənimlə zarafatmı edirsiniz?! – Ciddi deyirəm, burada bir nəfər Hüsaməddin vardır. – Onun nişanələrindən birisini mənə deyə bilərsinizmi? – Çöhrəsində böyük bir xalı vardır. Qadın ağladı: – Odur, anamın oğludur. Sevgili qardaşımdır. Müdir: – Rica edirəm, özünüzü ələ alın, – deyərək qadını otaqda buraxıb getdi. Qadın oturub düşünürdü. Öz “qardaşını” həbsxanadan qurtarmaq üçün müdirin həyatı barəsində götür-qoy edirdi. Beş dəqiqə keçmədən qapı açıldı. Hüsaməddin otağa girdi, qadın onu gördüyü zaman üzərinə atılıb boynunu qucaqladı və: – Əziz qardaşım! – deyə onun üzündən öpmək istərkən qulağına pıçıldadı: – Müdiri boğub libaslarını geyməlisən! Müdir qayıdıb içəri girdi və qadına müraciətlə: – Sizin qardaşınız bu cənabdırmı? Qadın ağlaya-ağlaya: – Budur, mənim bədbəxt qardaşım budur! – dedikdə Hüsaməddin müdirə yanaşaraq: – Bacımın və mənim haqqımızda etdiyiniz bu alicənablığa qarşı təşəkkür edirəm, – deyərək onun əlini-əlini aldı və o biri əli ilə müdirin boğazından tutub boğmağa başladı. Qadın müdirin müqavimət göstərdiyini görüb, dərhal qalxıb müdirin can evindən tutub əzdi və Hüsaməddin onu boğub işini bitirdi. Hüsaməddin müdirin paltarını geydi, qapını bağlayıb, açarını görürdü; Hüsaməddin qadın ilə küçəyə çıxarkən, yavaşdan qarovula müraciət edərək: – Mən bu xanımı yola salıb qayıdıram. Gecə keçmişdir. Əbu-Dəccanə məhəlləsinə getməsi qorxuludur, – dedi. * * * Ay, İsmayılın məqbərəsi üzərindəki minarənin dalısına keçib üzünü kirşanlamağa başladığı zaman Hüsaməddin və Səba xanımın hazırlatdırdığı atı minib Xarəzm məmləkətinə doğru qaçırdı. Qətibə xatun Hüsaməddinin həbsxanadan qaçırılması işini özü üçün böyük bir müvəffəqiyyət sayırdı. Doğrudan da bu hadisə Fəxrəddinin Həmədandakı nüfuzuna böyük bir zərbə oldu. Buna görə də Qətibə xatun Səba xanımı istədiyi qədər mükafatlandırdı. Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. O, həbsxana qarovullarını çağırıb soruşdu: – Qadın haqqında nə deyə bilərsiniz? O gecə qapıda gəzən qarovul kim idi? Qarovulun kim olduğunu təyin etdilər. Qarovulun verdiyi məlumat bundan ibarət idi: “Boyu bəstə bir qadın idi. Hər gün bir kərə və hərdənbir gündə iki kərə məhbuslara ehsan gətirirdi. Çox mömin qadın idi. Dilindən Allahın və müqəddəslərin adı əskik olmazdı. Olduqca gözəl idi. Üzünü bir kərə gördüm, lakin tez gizlətdi. Əlini uzadıb ehsanı verdiyi zaman barmaqlarında üç qiymətli üzük olduğunu gördüm. Başında qapa ipəkdən çarşabı var idi. Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. Ayaqqabılarının üstü gümüş saplarla tikilmişdi. Səsi çox zəif və həzinavər idi. O çox tez-tez ağlayırdı. Səxavətinin müqabilini indiyə qədər görməmişəm. Adəti, rastına keçən yoxsullara pul paylamaq idi”. Fəxrəddin bir az düşünüb yanındakı adama müraciət etdi və: – Eşitdiyin əlamətləri yazıb götür, bu nişanələrdə hansı bir qadın görmüş olsanız tutub mənim yanıma gətirin! – dedi. Fəxrəddin həmin qadının Səba xanım olduğuna heç də şübhə etmirdi, lakin onu Qətibə xatunun sarayından çıxarıb həbsə aldırmaq mümkün deyildi. Buna Qızıl Arslan da razılıq vermirdi, çünki bu cinayəti Səba xanımın boynuna isbat etmək, Qətibə xatunun da bu cinayətdə iştirak elədiyini ifşa etmək demək idi. Buna görə də Qızıl Arslan Səba xanımın saraydan dışarı çıxdığı zaman heç kəsə bildirmədən həbsə alınmasını və edam edilməsini tapşırmışdı. Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib həmin əlamətləri daşıyan qadının intizarını çəkirdilər. Səba xanım bunların hamısını anlayırdı. Fəxrəddin və Qızıl Arslanın onu həbsə aldırmaq üçün verdiyi qərarları bilirdi. Buna görə də o öz məharət və cəsarətini bir daha Fəxrəddinə və Qızıl Arslana göstərmək qərarına gəlmişdi. Fəxrəddinin Atabəy sarayı ətrafında qoyduğu gözətçi xəfiyyələr heç bir müvəffəqiyyət əldə edə bilmirdilər. Həbsxana qarovullarının göstərdiyi əlamətləri daşıyan qadın gözə görünməyirdi. Saraydan çıxan kənizlər və cariyələr təqib edilirdisə də, onların heç birisində göstərilən əlamətləri tapa bilmirdilər. Lakin Səba xanım sarayda qapanıb oturmamışdı, o hər gün saraydan dışarı çıxaraq Fəxrəddinin yaşadığı evin ətrafında dolaşır və Fəxrəddinin yaşadığı otağa girmək üçün vasitə axtarırdı. O, Həmədandan Rey məmləkətinə köçüb gedənə qədər mələkənin düşməni olan Fəxrəddinə böyük bir zərbə vurmaq və buna müqabil böyük bir mükafat almaq istəyirdi. Günorta zamanı azançı İsmayıl məqbərəsinin kaşi minarəsində “Allahu əkbər” sözünü dediyi zaman, Səba xanım Fəxrəddinin qapısından qara çarşaba bürünmüş bir qadının: – Allahu əkbər kəbirən kəbira, – deyə çıxıb getdiyini gördü. Qadın əlində böyük bir bağlı aparırdı. Səba xanım çox diqqətlə baxandan sonra qadının əlindəki bağlının çirkli paltar olduğunu təyin etdi. Şübhəsiz ki, paltarlar Fəxrəddinin paltarları idi. Səba xanım qadına yaxınlaşıb salam verdi və soruşdu: – Vaxtınız olsaydı, sizi xanımın yanına aparardım. Xanım çoxdan bəri səliqəli paltaryuyan axtarır. Qadın Səba xanımın cavabında: – Bu gün və sabah vaxtım olmayacaqdır. Çünki cənab Fəxrəddin paltarlarının tələsik yuyulmasını tapşırmışdır. – Siz onun paltarlarını nə vaxt özünə gətirməlisiniz? – Vaxt təyin etməyiblər. Birisi gün və ya daha o birisi gün. – Bəs mən sizi harada görüm? – Siz harada istəsəniz, mən orada gəlib sizi gözlərəm. – Daha birisi gün cümə axşamıdır, siz Əbu-Dəccanə məqbərəsinə ziyarətə gələrsinizmi? – Bu nə sözdür? Həmədanda yaşayıb peyğəmbərin əshabəsinin ziyarətinə getməmək qabildirmi? – Günün nə vaxtı? – Mən zöhr namazını orada qılacağam. – Elə isə orada görüşərik. Bu hadisədən iki gün keçmişdi. Fəxrəddin pəncərədə oturub cəbbəxana meydançasına baxır və öz-özünə deyirdi: “Qoşun və hökumət mənim əlimdə olurkən, əxlaqsız bir qadın həbsxanaya girsin, müdiri öldürsün, Hüsaməddin kimi məmləkət xainini qaçırsın?! Daha mən nə üçün adımı Fəxrəddin qoymuşam!”. O, əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib keçən kişilərə və qadınlara baxırdı. Birdən Səba xanımın keçdiyini görüb, diqqətlə ona baxdı, həbsxana qarovullarının göstərdiyi əlamətlərin hamısını onda gördü, sevindiyindən dəli kimi yerindən sıçradı; Səba xanımı tutmaq üçün pilləkənlərdən qapıya düşdü. Başqa adam görməyərək qapıda duran qarovulları səslədi: – Dalımca gəlin, – dedi. – Onlar qapıdan ayrılmaq istərkən paltaryuyan qadın qapıya yanaşaraq: – Möhtərəm ağam, paltarı gətirmişəm, – dedikdə Fəxrəddin bir kəlmə ilə: – Apar otağa, qayıdıram! – deyə qarovullarla bərabər Səba xanımı təqib etdi. Səba xanım tamam bir sürətlə gedirdi. Fəxrəddin də bunu istəyirdi, çünki onu şəhərin mərkəzində tutmağın uyğunsuz olduğunu düşünürdü. Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən, Fəxrəddin onu səslədi: – Dayan fahişə! Həmin qadın qayıdıb təəccüblə Fəxrəddinə baxdı və təhqiredici sözlərlə onun cavabını verdi və öz yoluna davam etdi. Fəxrəddin bir daha onu səsləyərək: – Səni səsləyirəm. Əxlaqsızın birisi, – dedi. – Bir də mənim əlimdən qurtaracaqsanmı?! Qadın əlini yerə ataraq daş götürüb, atmaq istərkən Fəxrəddin onun əlinə baxdı, doğrudan da həbsxana qarovulu göstərdiyi kimi barmaqlarında üç dənə qiymətli üzük olduğunu görcək qarovullara müraciətlə: – Tutun, özüdür, – dedikdə qarovullar qadını yaxaladılar. Qadın isə dartınıb onların əlindən qurtarmaq istərkən, çarşabı başından düşdü. Fəxrəddin ona çox diqqətlə baxarkən, rəngi qaçdı, çünki qadın Səba xanım deyildi. O, təxminən qırx, ya qırx beş yaşlarında çopur və bir gözü kor qadın idi. Fəxrəddin yalvarıcı bir surətdə qadına müraciətlə dedi: – Məni bağışlayın, rica edirəm bunu özünüz üçün bir təcavüz hesab etməyin. Axtardığımız canidə olan əlamətlərin hamısı sizin zahiri görünüşünüzdə vardır. Qadın bu sözlərdən təsəlli tapmadı, hönkür-hönkür ağlayaraq deyirdi: – Taxtın tabuta dönsün, belə padşah! Sənin paytaxtında qadınları günün günortasında küçələrdə təhqir edir və fahişə adlandırırlar. – Qadın onların yaxasından əl çəkmədi. – Sizi buraxmayacağam, gərək bu saatda qazının yanına gedəsiniz, orada mənim fahişəliyimi isbat eləyəsiniz. Fəxrəddin yüz kərə üzr istədi, yalvardı; nəhayət, qadın onlara lənət və nifrət oxuya-oxuya ayrılıb getdi. Fəxrəddin tərini silə-silə evə qayıtdı. Evdə qəribə bir aləm gördü. Geydiyi libasların heç birisini orada görmədi; bağlı sandıq açılmışdı, qiymətli şeyləri və bütün lazımi vəsiqələr götürülmüşdü. Pəncərənin arasında bir bağlı qoyulmuşdu, tələsik bir halda bağlını açıb, bir dəst qadın libası qoyulduğunu gördü. Onu tər basdı, içəri girən qadının paltaryuyan qadın olmadığını yəqin etdi. O, qarovullara qışqırdı: – Dayanmayın, həmin qadını təqib edib mənim yanıma gətirin. O bizi aldadıb evdən uzaqlaşdırmaq üçün Səba xanımın libaslarını geymiş və çarşabını örtmüş imiş. Qarovullar qadını təqib etdilər, lakin onu tapa bilmədilər. Qara çarşaba bürünmüş yüzlərlə qadına təsadüf etdilər. Ancaq yarım saat əvvəl gördükləri əlamətləri heç bir qadında görə bilmədilər. Qarovullar gedəndən sonra Fəxrəddin bir daha qadın paltarlarına baxdı, orada bir məktub qoyulduğunu gördü və götürüb oxudu: “Bütün yemək şeylərini zəhərləyib səni məhv edə bilərdim. Lakin sənin kimi insanları günahsız məhv etməyin tərəfdarı deyiləm. Bu hadisə sənin üçün xəbərdarlıqdır. Hərgah Həmədandan çıxıb getməsən, ikinci kərə səni ölüm cəzası ilə cəzalandıracağam. Hələ iraqlılar o qədər alçalmamışdır ki, bir nəfər azərbaycanlı Bağdadın qulağının dibində ağalıq etsin”. Fəxrəddin məktubu oxuyub yerə qoydu və dərindən fikrə getdi. Bu təhqirin ağırlığı altında qəlbən inləməyə başladı. O öz-özünə: “Bu qadın hiyləsidir. İraqlılar mənim qarşıma qılıncla çıxardılar, onlar heç bir zaman mənim evimdən paltarlarımı aparıb, yerinə qadın paltarları qoymazdılar. İraqlılar məni çox gözəl tanıyır, onlar məni müharibə meydanlarında görüblər. Onlar mənim bu paltara layiq olmadığımı hamıdan yaxşı bilirlər. Bu iş Qətibənin və Səba xanımın işidir” – dedi və qarovulları yanına çağırıb tapşırdı: – Bu hadisəni heç bir yerdə danışmayın, bu tamamilə gizlində qalmalıdır! * * * İslahat və nəticələr Qızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı. Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı1. Qızıl Arslan deyirdi ki, torpaqda çalışanlar mülkədarların himayəsində deyil, hökumətin himayəsində yaşamalıdır. Hər halda bu təşəbbüs kəndlilərin azad nəfəs almasına və kənd məhsulunun artmasına səbəb ola bilər. Qızıl Arslanın verdiyi fərmanda deyilirdi: “Bundan sonra vergilər təyin edildiyi zaman, kəndlinin ixtiyarında olan torpağın miqdarı ilə deyil, onun torpaqdan götürdüyü məhsulun miqdarı ilə ölçülməlidir”. Qızıl Arslanın fikrini məşğul edən səbəblərdən birisi də cəza və cərimə qanunları idi. O bu barədə verdiyi fərmanında deyirdi: “Bundan sonra cəza və cərimə işləri hökumət məhkəməsində təyin edilməlidir. Mülki və siyasi işlər hökumətə aid məsələ olduğundan qəzavət bu işə qarışmamalıdır. Dini işlərdən ötrü mühakimə olunanların hamısı qəzavətxana nümayəndələrinin iştirakı ilə hökumət məhkəməsi tərəfindən cəzalanacaq və cərimələnəcəkdir”. Qızıl Arslanın bu fərmanı ruhanilərin və qazıların geniş həyəcanına səbəb oldu, çünki bununla hökumət ruhanilərin gəlirlərinin qarşısını kəsirdi. Qızıl Arslan təriqət və məzhəb işlərinə dair verdiyi fərmanında deyirdi: “Təriqət və məzhəb mübarizələrində Quranın bir silah kimi işlədənləri siyasi müqəssirlər kimi cəzalandırmaq lazımdır. Təriqət və məzhəblərin genişlənməsi üçün Qurandan sübut axtaranlar islam düşməni kimi təqibediləcəkdir. Şiə-sünni mübahisələri baş verdiyi zaman ölkələrin xalqı üçün təzə cəza qanunları tətbiq olunacaqdır. Minbərlərdə məzhəb və təriqət məsələlərini təbliğ edən vaizlərin və xətiblərin minbərə çıxmaq ixtiyarı əlindən alınacaqdır. Təriqət və məzhəb mübarizələrini qızışdıranlar hökumətin daxili düşməni hesab olunduğu üçün edam edilməlidir. Çünki islamın birliyini pozmaq və məmləkətin daxili asayişini pozmaq məqsədilə xaricdən gələn bütün xəfiyyə və macəraçılar məzhəbə və təriqətə istinad edir, Qurandan özü üçün köməkçi ayələr də tapırlar”. Lakin Qızıl Arslan bu islahatında Məmun xəlifənin IX əsrin birinci yarısında rast gəldiyi çətinliklərə rast gəldi. Buna görə də o, vəziri Şəmsəddinə yazdığı məktubunda deyirdi: “Şərq məmləkətlərinin mədəni bir məmləkət şəklinə salınması üçün qüvvətli bir hökumətin mövcud olması kifayət deyil, məmləkətdə qüvvətli və bacarıqlı islahatçıların mövcud olması da lazımdır. Məsələlər yalnız qılınc gücü ilə həll olunmamalıdır. Quranın hökumət qanunları ilə bir yerdə yaşaya bilməyəcəyini xalqın şüuruna yeritmək üçün elmi yollar lazımdır. Biz bugünkü günda islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. Vergilər, torpaq məsələləri, qan və tədiyyə işlərinin ləğvi məsələlərini qoyduğumuz zaman, ruhanilərin ciddi müqavimətinə rast gəldik, çünki qoyduğumuz islahat tamamilə ruhanilərin zərərinədir, onların hüququnu azaldır, xüsusən məhkəmələr təşkilinə onlar heç vəchlə razı ola bilmirlər. Çünki bununla rüşvətin qapısı onların üzünə bağlanır. Hazırda Bağdad və Həmədan ruhaniləri mənim qoyduğum islahatı yıxmaq üçün silah olaraq ancaq Quranı ellərinə götürmüşlər. Bizim bədbəxtliyimiz burasındadır ki, avam xalq hazırkı fəlakətin dindən, Qurandan və təriqətdən doğduğunu bilmir. Buna görə də onlar bizim islahat işlərimizə dinə qarşı bir üsyan kimi baxır; ruhanilər buna istinad edib xalqın arasında dedi-qodular yaradır, hətta bu kimi dedi-qoduları qoşunun arasında da genişləndirirlər”. Qızıl Arslanın islahata başladığı gündən etibarən Həmədandan və səltənətin taht-idarəsində olan bütün şəhərlərdən ruhanilər, qazılar Bağdad xəlifəsinə ərizə verib bu islahatın Quran, xəlifə və ərəb qüfuzu əleyhinə çevrilməsini göstərirdilər. Qızıl Arslan bunların heç birisinə əhəmiyyət vermədi. O, quranların tərcümələrini hər tərəfdən yığdırıb müqayisə etdirir və bununla da islamiyyətdə təfriqə və anlaşılmazlığın Qurandan törədiyini isbat etməyə çalışırdı. Lakin Qızıl Arslan bu təşəbbüslərin heç birisində müvəffəq ola bilmirdi. Çünki ruhanilərdən bir nəfər də olsa onun tərəfində durmurdu. Onların hamısı bu təşəbbüsün, başlıca olaraq, ruhanilər əleyhinə düzəldiyini bilirdilər. Xalq içərisində də bu islahata müsbət bir təşəbbüs kimi baxanlar yox idi, onlar da bu təşəbbüsə bir dinsizliyin başlanğıcı kimi baxırdılar. Qızıl Arslanın əsas səhvi tələsməsindən ibarət idi. Qızıl Arslanın əsas səhvi tələsməsindən ibarət idi. Öz islahat fikirlərini tədrici olaraq həyata keçirmək əvəzinə, min illik qanunları o birdən-birə ləğv etmək istəyirdi. O, din ilə qəbul edilən adətlərin quru bir fərmanla ləğv edilə bilməyəcəyini nəzərə almırdı. O, bu gözəl və mübarək təşəbbüsləri tədrici surətdə həyata keçirmək istəyirdi, bəlkə də müvəffəq olar və Şərqin mühüm bir hissəsində təzə və mədəni həyat yarada bilərdi. Onun böyük səhvlərindən birisi də islahatı xəlifə Məmunun başladığı xətt ilə irəli aparmaq istəməsi idi. Əvvəlcə Quranın hazırkı həyata yarayıb-yaramadığı fikrini meydana atdı. Bu fikir əsasən doğru bir fikir idi, çünki bütün mövhumat, doğrudan da, Qurana əsaslanır və orada özü üçün köməkçi ünsürlər tapırdı. Lakin Qızıl Arslanın yaşadığı əsrin avam xalqının mədəsi heç bir vaxt bu bişirilməmiş və çiy məsələni həzm edə bilməzdi. Qızıl Arslan hamıdan əvvəl Qurana istinad edən tək-tək büdətlər və adətlərlə mübarizə aparsaydı, o zaman biri o birisinə düşmən olan təriqət rəhbərləri cərgəsində də özünə dəyərli köməkçilər tapa bilərdi. İş bu xətlə aparıldığı zaman Quran da öz-özünə və tədrici olaraq öz nüfuzunu itirəcəkdi. Çünki Quran heç bir zaman büdətsiz və mövhumatsız yaşaya bilməzdi. Onu yaşadan əsas vasitə, ona müxtəlif mənalar taxmaq, onu anlaşılmaz bir şəklə salmaqla asimani don geydirməkdən ibarət idi. İslam ruhaniləri Quranın bir tarix kimi, yaxud bir xalqın həyat dastanı kimi qəbul edilə bilməyəcəyini bilirdilər. Onun mədəni bir xalqı yaşadacaq qədər əsas qanunları olmadığı da aydın idi; çünki Quran ibtidai xalq üçün xətt-hərəkəti göstərən müvəqqəti bir qanunnamədən ibarət idi. Bu kimi ibtidai qanunu yaşatmaq üçün onu anlaşılmaz bir vəziyyətə salmaq, bununla da onun məna və mündərice cəhətcə zənginliyini göstərmək lazım idi. Büdət, mövhumat və islamdakı təfriqə, təriqət və məzhəb mübarizələri də buradan doğurdu. Qızıl Arslan islahatı aşağıdan başlayıb yuxarı çıxmaq istədiyi zaman müvəffəq ola biləcəkdi. Lakin o, birkərəlik zərbəni əsasa vurmaq istədiyi üçün müvəffəq ola bilmədi. Qızıl Arslanın islahatına qarşı çıxan ruhanilərin xəlifəyə göndərdikləri məktublarda: “Azərbaycan Şərqə dinsizlik verir” sözləri müxtəlif şəkillərdə yazılırdı. Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. Bu hərəkətdən Qızıl Arslanın düşmənləri istifadə etməyə başladılar. Ruhanilər qonşu hökumətlərə qaçıb orada Qızıl Arslan əleyhinə siyasi təşkilat düzəltdilər. Qonşu hökumətlər Atabəylər ölkələri işinə müdaxilə etmək üçün “din hamilərinə” maddi və mənəvi köməkdə bulundular. Qızıl Arslanın islahat təşəbbüslərinə qarşı təzə din fəlsəfələri düzəldildi. Qurandan indiyə qədər eşidilməyən vəsiqələr tapıldı, təzə təfsirlər yazıldı, xariqəli və fövqəladə təbirlər yaradıldı. Qızıl Arslan islahatının inkişaf edə bilməməsinin əsas səbəblərindən birisi də hökumət üsul-idarəsinin mütləqiyyət mahiyyəti daşımasından ibarət idi. Babək üsyanının haqqındakı tənqidi xülasələri nəzərə almayaraq Babəkin götürdüyü xətt-hərəkətin ən doğru və faydalı bir yol olduğunu təsdiq etmək lazımdır. Çünki islam dini daşıyan və mütləqiyyət üsul-idarəsi ilə idarə olunan Şərq məmləkətlərinin hər hansı birisində islahat başlamaq lazım gəlirsə, ancaq Babəkin yolunu təqib etməklə qalib gəlmək olar. Şübhəsiz ki, Babək din ilə hökumət üsul-idarəsinin ayrılmaz qardaş olduğunu təyin etdiyi üçün silahını həm din, həm də hökumət əleyhinə çevirmişdi. Babək çox gözəlcəsinə bilirdi ki, hökumət üsul-idarəsini yıxmadan dini yıxmaq mümkün olmayacaqdır. Lakin Qızıl Arslan qılıncı götürüb öz qılçasına vurmaq istəməzdi. O, doğru bir yol ilə getmək istəsəydi, hökumət üsul-idarəsini əsasından dağıtmalı idi. Bunu IX əsrin islahatçısı Mömin xəlifə bacarmadığı kimi XII əsrin Qızıl Arslanı da bacara bilməzdi. Mühafizəkarlıq yalnız bunlara məxsus deyildir. Tarix və təcrübə göstərmişdir ki, islahat yaratmaq istəyən hökmdarların hamısı üsul-idarənin dəyişdirilməsi məsələsinə yetişərkən, öz fəaliyyətini dayandırmağa başlamışdır. Babək isə din ilə hökumət idarəsini birlikdə döyməyi özü üçün əsas şüar qərar vermişdi. * * * Xəlifə Nəsirəddinbillah Qızıl Arslanın Atabəy məmləkətlərində başladığı islahatı soyuqqanlılıqla qarşılaya bilmədi. O, Qızıl Arslana bu məzmunda bir məktub göndərmişdi: “Möhtərəm hökmdar! Əlahəzrət Toğrulun hakimiyyəti Azərbaycan, İraq, Fars və Rey məmləkətləri üzərində təsdiq olunmuşdur. Bu məmləkətlərdə hər cür təşəbbüs və islahata başlamaq işləri onun Əmirəlmöminin tərəfindən əldə etdiyi səlahiyyətin içərisinə daxildir. Sizin Həmədan və İraqi-Ərəb hüdudlarına qoşun gətirdiyinizi və başladığınız islahatı, dinə və xəlifəyə qarşı başlanmış bir üsyan kimi mənə edirik. Bu xəyanətiniz nəticəsində siz Eldəniz xanədanı tərəfindən sahibləndiyiniz varislik haqqından məhrum edilə bilərsiniz. Həmədan və sair yerlərin qəzavətxanalarında dəyişiklik yaratmaq və öz istədiyiniz adamları qaziliyə təyin etmək hökumətin vəzifəsi deyildir. Bu hərəkətə görə sizi islam dinindən xaric elan edib, xəlifə məmləkətindən çıxıb islam olmayan ölkələrdə yaşamağınızı əmr edirəm. Həmədan əyan və ruhanilərinin mallarını müsadirə etdiyinizi eşitdim. İslam dini xalqın halal malının müsadirə edilməsinə heç bir vəchlə razı ola bilməz. Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız. Həbs olunanların azad edilməsini, sürgünə göndərilənlərin vətənlərinə qaytarılmasını əmr edirəm. Öz dilinə, öz vətənlərinə, öz padşahlarına sadiq qaldıqları üçün sənin tərəfindən dara çəkilənlərin qan bahalarını öz varislərinə qaytarmalısınız. Xəzinə işlərinə müdaxilə etmək beytülmala qarşı bir xəyanətdir. Xəlifə beytülmalın mühafizə olunması işini ən adil və mömin adamlara, yəni məmləkətin padşahına tapşırmışdır. Padşah xəlifənin, xəlifə isə peyğəmbərin və uca olan Allahın himayəsindədir. Padşaha tapşırılan hüququn toxunulmazlığını Quran-şərif təmin etməkdədir. Bu məktubu alandan bir həftəyə qədər öz qoşununu padşaha təslim verib islam məmləkətlərindən xaric olmalısınız! Bu fərmanın əksinə hərəkətdə olsanız, Bağdad qoşununu Həmədan üstünə göndərib, səni və tərəfdarlarını həbs etdirəcək və bir din düşməni kimi edam etdirəcəyəm. Xəlifə Nəsirəddinbillah Bağdad, 10 şaban” Xəlifənin məktubunu on nəfərdən ibarət bir heyət gətirmişdi. Qızıl Arslan məktubu oxuyub yerə qoyandan sonra Fəxrəddinə müraciət edib dedi: – Mən elə bilirəm ki, bu macərada Toğrulun iştirakı yoxdur. Burada ruhanilərin, Qətibənin və məmləkəti bölüşdürmək üçün ona yardım göstərən əcnəbi hökumətlərin nümayəndələrinin barmağı olmamış deyildir. Xəlifə bu qədər qaba məktubu göndərməsəydi, bəlkə də mən Bağdadı işğal etmək məqsədindən vaz keçə bilərdim. Lakin bu məktubun üzərindən keçmək xəlifənin cəsarət və qabalığını bir daha artıra bilər. Artıq xəlifəyə öz mövqeyini tanıtmaq lazımdır. Hələlik o, hazırda nə kimi bir əhəmiyyətə malik olduğunu bilmir, o bilmir ki, mən gündə dörd kərə xəlifəni mövqeyindən düşürüb yerinə başqasını təyin edə bilərəm. Onun məktubunun cavabı barəsində tələsmək lazım deyil, bir qədər düşünmək və hazırda məktubu gətirən heyətə təntənəli bir ziyafət vermək lazımdır. Həmədanda və nahiyələrdə duran qoşunların rəsm-keçidini düzəltməli və məmləkətin silahlı qüvvələrini heyət üzvlərinin nəzərində nümayiş etdirməlisən. Qızıl Arslanın əmrini alınca şəhərdən çox kənarda olan Atabəy bağında təntənəli bir ziyafət təşkil edildi. Xəlifənin məktubunu gətirən heyəti ziyafətə müşayiət etmək üçün Fəxrəddinin rəyasəti altında bir dəstə Azərbaycan qoşunu təyin edilmişdi. Həmədandan Atabəy bağına qədər uzun yolun hər iki tərəfi Azərbaycan qoşunun əlində idi. Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi. Onlar ömürlərində birinci kərə idi ki, bu qədər müntəzəm və möhtəşəm bir ordunu görürdülər. Onlar bu ordunu gördükləri zaman bir-birlərinin qulağına pıçıldayıb: “Bu qoşun xəlifə paytaxtını bir zamanda işğal edə bilər, yəqin ki, xəlifənin bundan xəbəri yoxdur” – deyirdilər. Ziyafətin sabahı heyət üzvlərini gəzdirib Midiya dövründən qalan köhnə hasarı və hökumət binalarını göstərdilər. Üçüncü gün onların hamısına qiymətli hədiyyələr verib Bağdada yola saldılar. * * * Qızıl Arslandan xəlifəyə məktub aparan heyəti İraqın hədd-hesaba gəlməyən atlıları istiqbal edirdi. Xüsusən heyət Xüld qəsrinin qarşısına yetişdiyi zaman orada polad geyimli bir çox qoşun dəstələri gördülər. Meydanda böyük rəsm-keçid verildi, çünki xəlifə Qızıl Arslan tərəfindən gələn bu heyətə öz sərvət və əzəmətini göstərmək istəyirdi. Heyət polad hasarları yararaq, Xüld qəsrinin qapısına yetişdi. Onlar ağ mərmər döşənmiş pillələrdən yuxarı çıxıb getmək istərkən, qapıçı yuxarı çıxıb hacibdən icazə istədi, bir azdan sonra hacib gəlib heyəti qarşıladı və qabaqca Qızıl Arslanın vəziri Şəmsəddin, onun dalınca da üzvlər qəsrə daxil oldular. Heyətin birinci dəfə daxil olduğu dalanın döşəməsi qızıl millərlə bir-birinə yapışdırılmış qırmızı mərmər idi. Dalanın yuxarısında boyunlarına qızıl zəncir vurulmuş üç dəhşətli köpək saxlanmışdı. Köpüklərin hər birisini bir neçə qara qul tutub saxlamışdı. Köpüklərin hər birisi, böyüklükdə bir şir qədər dəhşətli idi. Heyət köpəklərin yanından keçdi. Onlar dalandan bir neçə pillə daha yuxarı çıxıb bir həştiyə daxil oldular. Həştinin dörd tərəfində düzülən qulamlar qalxıb heyətə təzim etdi. Həştidən böyük bir salona daxil oldular. Salon ən nəfis və qiymətli xalçalarla döşənmişdi. Fərşlərin üzərinə incə bir surətdə işlənmiş pələng və sair yırtıcı heyvanların dərisi salınmışdı. Heyət üzvləri bu salonda bir neçə dəqiqə durub salonun divarlarında yazılan şeirlərə və tavandakı nəqşlərə tamaşa etdilər. Adət üzrə heyət üzvlərinə ikinci icazə verilməli idi. Hacib gəlib ipək və qızıl saplarla tikilmiş böyük pərdəni bir əli ilə açdı. Baş endirərək: – Buyurun! – dedi. Heyət geniş bir eyvana daxil oldu. Eyvanın sütunları sumaq daşından idi. Divarlarına qızıl suyu ilə nəfis bir surətdə səhra və dəniz heyvanlarının şəkli nəqş edilmişdi. Şəkillərin arasında ibrətverici və hikmətli şeirlər yazılmışdı. Eyvanın hər yerinə sarı ipək fərşlər döşənmişdi. Burada Nuşirəvan padşahın sarayının şəkli çəkilmişdi. Fərşin üstündəki nəqşlər: quşlar, balıqlar, heyvanların şəkilləri qızıl və ipək saplarla tikilmişdi. Xəlifənin sarayında salınmış bir fərş heyət üzvlərinin diqqətnəzərini cəlb etdi; onlar bu salonda durduqları zaman bir çiçəklik, bir bostan və bir heyvanxana tamaşasında durduqlarını hiss edirdilər. Onlar fərşin üzərində yeridikləri vaxt xiyabanlardan axan çayların və bulaqların üzərindən keçib getdiklərini düşünürdülər. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. Qübbələrin hər birisində Kəsrə qəsrinə dair bir mənzərə çəkilmişdi. Eyvanın arxasında Çin ipəyindən bir pərdə asılmışdı, bununla da eyvan iki hissəyə ayrılırdı. Xəlifənin oturduğu hissə başqaları oturan hissədən ayrı idi. Pərdədən kənar, olduqca qiymətli kürsülər qoyulmuşdu. Cərgə ilə düzülən bu kürsülərin kimlərə məxsus olduğu, kürsülərin dalında vurulan iplərin üzərinə yazılmışdı. Vəzirlər, elçilər üçün də ayrı-ayrı kürsülər var idi. Lakin kürsülərin bir çoxu boş idi. Xüsusən bəni-haşimlərə məxsus kürsülərdə bir nəfər də olsa oturan yox idi. Yanında yastıq və balış qoyulan kürsülər isə əmirlərin və sərkərdələrin yerləri idi. Zərif baş örtüləri geymiş bir neçə əmir və sərkərdə oturub söhbət edərkən, Azərbaycan heyəti daxil olub göstərilən kürsülərin üzərində yer tutdu. Əmirlər, sərkərdələr isə onlara əhəmiyyət verməyərək öz söhbətlərində davam edirdilər. Heyət oturub xəlifənin qəbul saatının intizarını çəkirdi. Nəhayət, hacib pərdəni qaldırıb Qızıl Arslan tərəfindən göndərilən heyəti xəlifənin hüzuruna çağırdı. Xəlifə yumşaq balışlarla düzəlmiş zinətli bir taxtın üstündə bardaş qurub oturmuşdu; taxtın iki tərəfində xəlifənin iki nəfər sevimli kənizi durub xəlifəyə yelpik çəkirdi. Bunların arxasında isə çiyinlərində qılınc iki nəfər əsgər dayanmışdı. Xəlifə, adəti üzrə, elçiləri qəbul etməyə məxsus paltarlarını geymişdi. Başına qoyduğu çox zərif və üstünə yaşıl ipək sarınmış papağın yanlarına xəz tutulmuşdu. Yaşıl sarığın üstündən bir neçə təsbeh incilər və cavahirlər salınmışdı. Baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxılmışdı. Buna görə də xəlifəyə tərəf baxıldığı zaman başında bir tovuz quşu oturduğu zənn olunurdu. Cıqqanın ortasında quş yumurtası böyüklüyündə üç məşhur və qiymətli daş parlayırdı. Xəlifə üstünə qara əba salmışdı. Lakin oturuş və baxışı həddindən artıq qorxulu və dəhşətli idi. Onun simasından edam cəzası əmrini vermək üçün düşündüyü zənn olunurdu. Heyət üzvləri daxil olurkən, heyətin sədri Şəmsəddin baş endirib dedi: – Xəlifeyi-ruyi-zəmin və Əmirəlmöminin həzrətlərinə salam! Xəlifə isə: – Əleykümməssalam! Sizə olsun Allahın rəhmət və bərəkəti, – deyə cavab verdi və oturmaq üçün onlara icazə verdi. Heyət üzvləri bir daha baş endirib oturdular. Sonra Şəmsəddin ikinci dəfə ayağa qalxıb, baş endirdi və Qızıl Arslanın məktubunu xəlifəyə təqdim elədi. “Bu məktub Azərbaycan hökmdarı və Eldəniz Şəmsəddinin oğlu Qızıl Arslanın tərəfindən Əmirəlmöminin xəlifeyi-ruyi-zəmin-ən Nəsrəddinbillah həzrətlərinə yazılır. Xəlifə həzrətlərinin məktubunu alıb məzmunu ilə tanış oldum. Buna görə də ərz edirəm ki, nə Toğrulu, nə Atabəy Məhəmmədi, nə də bizim atamız Eldənizi hökumət başına xəlifələr təyin etməmişdir. Eldəniz xanədanının hökumət başına çıxaran öz qılıncları və indiyə qədər yaşadan Azərbaycan xalqının qəhrəmanlığıdır. Buna görə də biz əlimizdə olan məmləkəti özümüz istədiyimiz kimi idarə etmək səlahiyyətinə malik olmalıyıq. Biz, Azərbaycan xalqının həyat nə səadəti hər nəyi tələb edirsə, həyata keçirmək üçün heç bir kəsdən icazə istəməyəcəyik! Mənim xəlifədən, icazəsiz Həmədana qoşun gətirdiyim Azərbaycan xalqının milli tələblərini həyata keçirmək üçündür. Azərbaycanlılar heç bir zaman öz tarixi paytaxtının və o paytaxtda oturan Toğrulun beş-on nəfər əcnəbi nümayəndələrinin əlində alət olmasına soyuqqanlılıqla baxa bilməzdi. Qoşun Azərbaycanın tarixi və milli hüdudlarını qorumaq üçün Araz və Kür çaylarını keçib gəlmişdir. Məktubda mənim hökmdarlıq hüququndan məhrum olduğumu yazırsınız. Lakin xəlifə həzrətləri bilməlidir ki, hökmdarlıq üçün varisliyin heç bir əhəmiyyəti yoxdur. Hökmdarı təyin edən xalqın ona bəslədiyi hüsn-rəğbəti və özünün şüur və qüvvətidir. Bunların hamısını əldə etmişəm. Bu gün əmr edərsəm, xəlifə böyük bir məmləkətin xalqını at üstündə görə bilər. Hazırda arxamda yüz mindən artıq qəhrəman bir ordu durmaqdadır. Mən bu gün iradə sadir edərsəm, Şərqdə təzə bir xilafət təşkil edər və başına öz istədiyim zatı təyin edə bilərəm. Həmədan qazısını sürgün etməkdə haqlıyam, çünki bir məmləkətdə iki padşah yaramaz! Mən Eldəniz övladının hökumət sürdüyü bir məmləkətdə qazıların və ruhanilərin ikinci bir hökumət təşkil etməsinə və hökumət işlərinə müdaxilə eləmələrinə imkan verməyəcəyəm. Mənim siyasətim belədir: məmləkətin və xalqın tələblərini yerinə yetirmək üçün törəyə biləcək hər bir məsuliyyət mənim boynumdadır. Biz hökumət işində, qazılar, ruhanilər isə məscidlərdə, mədrəsələrdə oturmalıdırlar. Hökumət işi hökumət əlində mərkəzləşməlidir. Xəlifə həzrətlərinin məktubunda, mənim dindən çıxıb kafir olduğum üçün islam olmayan bir məmləkətə getməyimə fərman verilir. Buna cavab olaraq Əmirəlmöminin həzrətlərinə yazıram: islam olmayan, islam dinini ayağı altına alıb tapdalayan, dini öz məqsədi üçün alət edən, islam dini daşıyan xalqın irz və namusuna təcavüz eləyən bir məmləkət axtarıb getmək istərsəm, o zaman yenə də xəlifə həzrətlərinin oturduğu Bağdad şəhərinə gəlməyə məcbur olacağam. Çünki islam ölkələrini məhv etməkdə olan bütün fəlakətin xəlifə paytaxtından gəldiyini yəqin etmişəm. Sonra, xəlifə həzrətləri Həmədan əyan və ruhanilərindən müsadirə edilən malların sahiblərinə qaytarılmasını əmr edir. Guya islam dini heç bir zaman müsəlmanın halal malının müsadirə edilməsinə icazə vermirmiş. Əmirəlmöminin həzrətlərinə bildirmək lazımdır ki, mənim onlardan müsadirə etdiyim mallar onların müsəlman xalqından qarət etdiyi və cürbəcür hiylələrlə ələ gətirdiyi mallardır. Xəlifə həzrətləri bilməlidir ki, milyonlarla müsəlman malının beş nəfər ruhaninin cibində mərkəzləşməsi islam dininin göstərdiyi və yol verdiyi qanun deyildir. Hərgah xəlifə həzrətləri qarətçiləri müdafiə edirsə, o zaman xəlifənin bizə kafir deməyə haqqı yoxdur! Dara çəkdiyim adamların qan bahalarının verilməsinə əmr edirsiniz. Xalqı soymaqda, hökumət əlində alət edib, məmləkəti əcnəbi himayəsinə verməkdə təqsirlənənləri məhv etmək əsas vəzifəmizdir. Bu cür adamlar, onları müdafiə edən xəlifənin paytaxtına qaçsa da, Əmirəlmöminin taxtının altında gizlənsə də, özüm şəxsən Bağdada gəlib, onları çıxaracaq, dar ağacına çəkdirəcəyəm. Buna görə də mən Əmirəlmöminin həzrətlərindən rica edirəm; Həmədanda böyük siyasi cinayətlərlə məşğul olan hökumət dəftərdarını və Toğrulun dərbar vəzirini və bunlardan başqa da 18 nəfər məmləkət xainin təcili surətdə Həmədana qaytarılmasına əmr versin, biləks, mən öz qoşunumla Bağdada girib onları Xüld qəsrinin qabağına dara çəkdirəcəyəm. Mənim xəzinə işlərinə müdaxilə etdiyimi böytülmala qarşı bir xəyanət hesab edirsiniz. Mən elə zənn edirəm ki, beytülmala xəyanət və israf işlərinin hamısı yenə də xəlifə mərkəzliyindən göyərməkdədir. Əlaüddövlənin Bağdada girib xəlifə Müstənibillahı israr etməsi üçtündə ağaca bağlayıb döydürməsi xəlifə həzrətləri üçün bir dərs olmalıdır. Hərgah bu gün Qızıl Arslan Bağdada girib beytülmalı gözdən keçirərsə, xəlifə Nəsirəddinbillah da özünü xalq iradəsinin qamçıları altında görə bilər. Əmirəlmöminin həzrətləri yazır ki, “padşahın əlinə tapşırılan ixtiyar toxunulmazdır”. Lakin xəlifə həzrətləri burada xalqın hüqu- * * * 1 İranda və Türkiyədə hələ də torpaq vergisi ərəblərin qoyduğu qanunlarla alınır. Çünki mülkədar üçün bu əlverişlidir (Müəllif). qunun və xalqın irz-namusunun toxunulmazlığını heç də nəzərə almamışdır. Xəlifə yazır ki, “padşah xəlifənin, xəlifə isə peyğəmbər-zişənin və uca olan Allahın himayəsindədir. Lakin xəlifə heç vaxt xatirinə gətirmir ki, bir məmləkətin xalqı və məmləkətin özü kimi himayəsindədir. Bunların hamısı ilə bərabər xəlifəyəərz etmək istəyirəm: mənim böyük qoşunla Həmədan şəhərinə gəlməkdən məqsədim qardaşım Toğrulun səltənətini əlindən almaq deyildir. Biləks mən onun səltənətini xarici düşmənlərdən müdafiə etmək və onun ətrafındakı məmləkət düşmənlərini təmizləmək və onu bir müstəqil hökmdar vəziyyətinə gətirmək üçün Həmədana gəlmişəm. Xəlifə həzrətləri məktubunun sonunda yazır ki, “Bir həftənin içərisində öz qoşununu məmləkətin padşahına təslim verib paytaxtı buraxmaz isən Bağdaddan Həmədana qoşun dəstələri göndərib səni və tərəfdarlarını həbs etdirməyə məcbur olacağam”. Buna görə də xəlifə həzrətlərini əmin edirəm ki, onun Bağdad qoşununu əbəs yerə Həmədana göndərməsi lazım deyil, mənim özüm qoşunum ilə Bağdada gəlirəm, orada xəlifə ilə məmləkətimə aid bəzi məsələləri həll edəcək və müqəssirləri alıb cəzalandıracağam. Qızıl Arslan”. Xəlifə məktubu oxuyandan sonra hacibi yanına çağırıb əmr verdi: – Qızıl Arslan tərəfindən məktub gətirən heyəti həbsə alın! Heyət üzvləri bu sözü eşidərkən ayağa qalxdı və Şəmsəddin xəlifəyə baş endirib? – Qızıl Arslan xəlifə həzrətlərinin məktubunu gətirən heyəti xələtlər və qiymətli hədiyyələrdə yola salmışdı, – dedi və hacibin qarşısına düşüb xəlifənin hüzurundan çıxdı. Heyət üzvləri gedəndən sonra xəlifə əmirləri və sərkərdələri çağırıb əmr verdi: – Həmədan üzərinə hücum etmək lazımdır. Qoşunun təcili surətdə səfərə çıxmasına əmr edirəm! Xəlifə bu əmrində qələbənin təmin edildiyini zənn edirdi, çünki iraqlılar, reyilər və Xarəzmşahlar Qızıl Arslan əleyhinə qalxmaq üçün xəlifəyə söz vermişdilər. Qızıl Arslan göndərdiyi heyətin xəlifə yanında qayıtmasını gözləmədi, çünki o, heyətin müsbət bir nəticə ilə qayıtmayacağını əvvəldən bilirdi. O, birinci növbədə Bağdada getmək üçün məmləkətin hüdudlarını bərkitdi, hətta məmləkətin şimal hüdudları olan Şirvan sərhədlərini möhkəm etmək üçün Aran hakiminə müəyyən göstərişlər göndərdi. Çünki, daima məmləkətdə bir hadisə zühur etdiyi zaman, Şirvan hüdudlarında rahatsızlıq baş verirdi. Qoşun ramazan ayı çıxandan sonra Həmədandan Bağdada doğru hərəkət etdi. Yəqubə, Şəhriban, Qızıl Rübat şəhərlərində baş verən kiçik vuruşmaları nəzərə almayaraq Azərbaycan atlıları öz hərəkətini dayandırmırdı. Lakin Azərbaycan atlıları Müseyib şəhərindən Fərat sahillərinə endiyi zaman xəlifənin əsas ordusu ilə üz-üzə gəldi. Ərəb və iraqlılardan ibarət olan bu dəmir geyimli ordu dörd günün müddətində Azərbaycan ordusunun qarşısını kəsib irəli hərəkət etmələrinə imkan vermədi. Onlara nə qılınc, nə də nizə əsər etmirdi. Nəhayət, dörd gündən sonra Fəxrəddinin rəyasəti altında olan Şimali Azərbaycan ordusu müharibə cəbhəsinə gəldi. Dəmir geyimli orduya qarşı müharibə edən azərbaycanlılar ağır və uzun əmudlarla silahlanmışdılar. Müharibə gün çıxandan əvvəl başlandı. Əmud vuruşması işə düşdüyü zaman minlərlə qoçun bir-birilə kəllə-kəlləyə vurduğu hiss olunurdu. Əmudların şaqqıltıları arasında ərəb və iraqlıların iniltiləri də eşidilirdi. Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi. Beş saata qədər davam edən müharibə nəticəsində Bağdad ordusunun böyük bir hissəsi əzilib məhv oldu, sağ qalanlar isə qaçmağa başladılar. Lakin onların qaçıb qurtaracaq yolları kəsilmişdi, onlar Fərat üzərindən çəkilmiş Cisri-Müseyib adlı körpüdən o tərəfə keçmək istəyirdilər. Lakin körpünü vaxt ikən Azərbaycan qoşunu dağıtmışdı. Buna görə də Bağdad qoşunu özünü Fərat çayına atıb canını qurtarmağa tələsirdi. Odur ki, ağır dəmir geyimləri ilə çayı keçə bilməyən minlərlə piyada Fərat çayında boğulurdu. Azərbaycan ordusu iki gün Müseyibdə qalıb öz hazırlığını bitirdi və Bağdada tərəf yürüşə başladı. Azərbaycan qoşunu Musil tərəfindən hücum edən ordu ilə birləşərək Bağdada yeridikləri zaman Düceyl şəhəri altında xəlifənin əsas qüvvələri ilə üz-üzə gəldi. Türklərdən təşkil edilmiş bu ordu xəlifənin ən inandığı və sınanmış ordusundan ibarət idi. Bu ordunun əsas məqsədi Azərbaycan ordusunu Bağdadın şərqindəki xarabalara qədər buraxmaq, Düceyl ətrafındakı böyük səhrada bir meydan müharibəsi verməklə məhv etməkdən ibarət idi. Bu məqsədlə xəlifə ordusunun sərkərdəsi birinci müharibədə Samiriyyə şəhəri qarşısındakı Dəclə körpüsünü dağıtmaq və Qızıl Arslan ordusunun yolunu kəsməyə əmr vermişdi. Dəclə çayının üstündən salınmış Samiriyyə körpüsünü əldə etmək üçün başlanan qanlı müharibələr iki gün davam etdi. Bağdad ordusu körpünü əldə etməklə məşğul olduğu zaman Azərbaycan atlıları cəbhəni yarıb atlarını bir baş Kazimeyin qəsəbəsinə doğru məhmizlədilər. Bağdad qoşunu Kazimeyin ilə Bağdad arasındakı kiçik və dar bir məsafədə yerləşmişdi. Müharibə, qanlı bir vəziyyət almışdı. İraqlılar və türklərdən ibarət olan xəlifə ordusu Azərbaycan ordusunu şəhərə buraxmamaq üçün ölüm-dirim müharibəsi aparırdı. Dördüncü gün xəlifə qoşunu şəhərin qərb tərəfini azərbaycanlılara təslim edərək Dəclə çayının şərq tərəfinə çəkildi. Samiriyyədən Dəclənin şərq sahili ilə irəliləyən ordu sürətlə Bağdada gedərək, çəkilməkdə olan Bağdad ordusunun körpüləri dağıtmasına imkan vermədi. Rəsafə cameindəki azançı axşam azanını verib “həyyə ələssalat” kəlmələrini dediyi zaman Azərbaycan atlılarının dırnaqları da Şəmsiyə, Məxrəm və Rəsafə küçələrinin daşları üzərində çırpınır və qığılcım saçırdı. Axşam əzanı bitirib qaranlıq düşdüyü zaman 50 mindən ibarət Azərbaycan ordusunun atları başını Dəclə çayına salıb su içirdi. * * * Bağdad alınandan beş gün sonra Bağdad qoşununun tərksilah edilməsi işi qurtarmışdı. Xəlifə ordusundan alınan 20 min at, 40 min dəvə, 10 min çadır və 40 min nəfər üçün hərbi silah və sair şeylər dəvələrə yüklənib Azərbaycana yola salınırdı. Xəlifə, Qızıl Arslanın Bağdada gəldiyi xəbərini alan günü təcili surətdə bir istiqbal heyəti düzəldib Yəqubə şəhərinə göndərdi. Qızıl Arslan isə Yəqubə şəhərinə yetişdiyi zaman istiqbal heyətinin sədrinə belə bir cavab verdi: “Bu səyahətdən məqsədim, Dəclə çayını görmək və Kərbəlada Hüseynin, Kufədə isə Əlinin türbəsini ziyarət etməkdən ibarətdir. Qayıdan zaman bəlkə Mədain xərabələrini tamaşa eləmək üçün Bağdada girdim. Xəlifənin böyük və geniş məhəbbətindən olduqca məmnun qaldım”. Qızıl Arslan İraqdakı türbələri ziyarət edəndən sonra Bağdada qayıtdı, köhnə Bağdadın qərb tərəfində qurulan çadırına endi. Bağdad xalqı qalib hökmdarı görmək üçün bütün vaxtını Dəclə çayı kənarında keçirirdi. Xəlifə ikinci dəfə heyət göndərib Qızıl Arslanın Xüld qəsrinə köçməsini təklif etdi. Qızıl Arslan bu dəfə xəlifəyə verdiyi cavabında: “Xəlifə paytaxtına düşmən kimi girməyin xəlifənin şəxsinə qoyulan bir hörmətsizlikdir. Mən Bağdada ancaq sülh şərtləri qəbul ediləndən sonra girib bir dost kimi xəlifeyi-zəminin əlini öpəcəyəm” – demişdi. Qızıl Arslanın bu cavabından sonra xəlifə öz nümayəndələrini göndərib Qızıl Arslanın və şəraitlə sülh etmək istədiyini soruşdu. Vəzir Şəmsəddin Qızıl Arslanın sülh təkliflərini yazılı surətdə xəlifənin nümayəndəsinə təqdim etdiyi zaman dedi: – Bu təklif ondan ötrü yazılı surətdə verilir ki, xəlifə həzrətləri üçün təkliflərin artırılıb-əskilməz və dəyişilməz olduğu aydın olsun. Təkliflər qəbul edilmədiyi təqdirdə xəlifə mərkəzi Bağdaddan Həmədana köçürüləcəkdir. Nümayəndələr sülh təkliflərini götürüb xəlifənin yanına apardılar, bir gün sonra xəlifə tərəfindən imza edilmiş sülh müqavilənaməsini gətirib Qızıl Arslana tapşırdılar. Sülh təklifləri bunlardan ibarət idi: Birinci – Xəlifə Azərbaycan ordusunun məsarifini beytülmaldan deyil, öz şəxsi əmlakından ödəməlidir. Məsarifi xəlifənin və Qızıl Arslanın adamlarından ibarət bir heyət təyin etməlidir. İkinci – Xəlifə qoşunu ilə gedən müharibələrdə öldürülən azərbaycanlıların ailəsi təmin olunmalıdır. Alınacaq təminatın miqdarını Qızıl Arslanın hərbi nümayəndələri müəyyən edəcəkdir. Üçüncü – Xəlifə saray və şəhərin müdafiəsi üçün beş min nəfərdən artıq olmamaq şərtilə qoşun saxlayacaqdır. Bunun əvəzində Azərbaycan hökmdarı hər hansı bir hökumət tərəfindən xəlifəyə qarşı hücum başlanırsa, onu bütün varlığı ilə müdafiə etməyi özünə borc bilməlidir... Altıncı – Xəlifə Azərbaycan məmləkəti üçün qoyulan vergi qanunlarını ləğv etməlidir. Yeddinci – Xəlifə nüfuzunun əcnəbi dövlətlərə qarşı müdafiəsini lazımınca təşkil etmək üçün xəlifə hər il Qızıl Arslana iki yüz min dirhəm qızıl verməyi öhdəsinə götürür. Səkkizinci – Xəlifə Atabəy məmləkətlərinə qazılar, ruhni rəisləri, xəlifə nümayəndələri göndərmək hüququndan əl çəkir. Doqquzuncu – Xəlifə ordularının Azərbaycan məmləkətlərinə olan müxtəlif hücumları nəticəsində məmləkətdən Bağdada aparılan asar-ətiqə və tarixi kitablar Azərbaycana qaytarılmalıdır. Onuncu – Son hadisələr əsnasında Bağdaddan təbid edilən azərbaycanlılar yerlərinə qaytarılmalı və zərərləri ödənilməlidir. On birinci – Xəlifə məmləkətlərində yaşayan azərbaycanlıların bərabər hüquqda yaşaması təmin olunmalıdır. On ikinci – Azərbaycanda Bəni Abbas şahzadələri, qoşun sərkərdələri, əmirləri və hakimlərinin əsrlərdən bəri əldə etdiyi sular, meşələr, malikanələr, torpaqlar və binalar tamamilə Azərbaycan xalqına qaytarılmalıdır. Bu maddəyə ərəb istilası zamanından bəri varislərdən varislərə keçən torpaqlar kəndlər, meşələr və sairləri də daxildir. On üçüncü – Xəlifə başqa hökmdarların məmləkətində olduğu kimi, Azərbaycanda da hökumət quruluşu işlərinə müdaxilə etməyəcəkdir. On dördüncü – Azərbaycanda tətbiq ediləcək hər bir qanun Azərbaycan hökumətinin özünə aid məsələlər olmalıdır. On beşinci – Xəlifə Şimali Azərbaycanda olan təbliğatını dayandırmalıdır. On altıncı – Şirvan şahları ilə Azərbaycan arasında çıxan ixtilaf zamanı xəlifə bitərəf qalmalıdır. On yeddinci – Xəlifə, Qızıl Arslandan qaçıb xəlifə paytaxtında yaşayan on səkkiz nəfər xəyanətkarı təcili surətdə həbs etdirib Qızıl Arslana tapşırmalıdır. On səkkizinci – Müxtəlif hadisələr zamanı Bağdada əsir və hədiyyə sifətilə göndərilən kişilər və qadınlar bir nəfərinə qədər Azərbaycana qaytarılmalıdır. On doqquzuncu – Bunların əvəzində xəlifənin adının xütbələrdə oxunmasını və xəlifə nüfuzunun tanınmasını Qızıl Arslan öhdəsinə götürür. İyirminci – Bu müqaviləni Toğrul və xəlifə imza etməlidir. Müqaviləni Toğrulun imza etməsi üçün Həmədan şəhərinə göndərdilər. Müqavilənin imza edilməsini gözləmədilər. Qızıl Arslanın əmrinə görə xəlifənin yaşadığı Xüld qəsrinin qarşısında on səkkiz dar ağacı quruldu. Qızıl Arslanın əlindən qaçıb xəlifəyə pənah gətirmiş on səkkiz nəfər casus və macəraçı dar ağacına qaldırıldı. Sanki bu gün xəlifələr Bağdadı öz əsrlik yuxusundan ayılır və xəlifələrinin bu qədər zəiflədiyini və alçaldığını hiss edirdi. Vaxtilə Əbu Übeydə, Bəkr ibn Əbdüllah, Əbdülrəhman ibn Rəbiə və Süraqət ibn Əmirlərin Bərdə və Gəncə meydanlarında qurduqları dar ağaclarının indi də Xüld qəsri qarşısında qurulduğuna görə Bağdad, keçmişlərinə matəm tutmağa başlayırdı. Hakim ərəblərin məhkumlar tərəfindən dara çəkildiyi Bağdadın ərəb əhalisi içərisində unudulmaz bir yas yaratdı. Xüld qəsri meydanının ətraf küçələri minlərlə əhali tərəfindən tutulmuşdu. Lakin Azərbaycan qoşunu hər tərəfi kəsib meydana heç bir kəsi buraxmırdı. Ərəb milli təəssüblərini daşıyan qocalar hər tərəfdə xəlifə Mənsur və Harünərrəşid saraylarının qarşısında diz çökub ağlayır və deyirdilər: “Qaytar bizim əzəmətli və qalib günlərimizi!” Lakin qəsrlərin heç birisindən bu səslərə səs verən yox idi. Ərəb xəlifəliyinin dünyanı öz təsiri altına alan əzəməti Bəni Abbas xəlifələrinin qüdrətli və şöhrətli günləri, gözəl cariyələrin, əsir qız və məhkum gəlinlərin qucağında eyş-işrətin, səfahət və israfın nəşəli qucağında çürüyüb getmişdi. Qızıl Arslanın əmri həyata keçdiyi və cinayətkarlar dar ağacına qaldırıldığı zaman, minlərlə Azərbaycan atlısı bir dəfə qılıncını qınından çıxardı. Xəlifə qəsrindəkilər düşdükləri həqarətin bu müdhiş mənzərəsini görməmək üçün qəsrin geniş pəncərələrinin ipək örtülərini saldılar. Sanki pərdələrin salınması xəlifələr dövrü səhnəsinin son pərdəsi idi. Xəlifəlik tarixinin son vərəqi çevrildiyi zaman, Qızıl Arslan xəlifədən kiçik bir məktub aldı. Məktubda yazılırdı: “Hökmdardan rica edirəm ki, cinayətkarların meyitlərinin dar ağacında qalmasına imkan verməsin. Bu hadisə mənim ailəmin qorxmasına səbəb olur. Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. Xalqın bu hərəkəti bizim dostanə əlaqəmizi də xələldar edə bilər. Rica edirəm bu barədə təcili sərəncam verəsiniz”. Qızıl Arslan xəlifənin məktubunu alan kimi dar ağaclarının götürülməsinə əmr verdi. Xüld qəsrinin pərdələri də həmin gün qaldırıldı. Müqavilə Həmədanda imzalanıb gətirildi. Qızıl Arslanın nümayəndələri ilə xəlifənin nümayəndələri üç günün müddətində müqavilə şərtlərinin həyata keçirilməsi üçün başladıqları işlərini qurtardılar. Bundan sonra xəlifə Qızıl Arslana ikinci bir məktub göndərdi. O, yazırdı: “Hökmdar bizi sərəfraz etmək üçün şəhərə köçməlidir. Əmin qəsri hökmdar üçün hazırlanmışdır”. Qızıl Arslan bu məktubu alandan bir gün sonra böyük bir təntənə ilə Əmin qəsrinə köçdü. Tam bu günlərdə Qızıl Arslan Nizami və Xaqaninin Hecaz və İraqeyn səyahətindən qayıdıb Bağdada gələcəklərini eşitdi. Bu xəbər Qızıl Arslan üçün ikinci bir qələbəni təşkil etdi. * * * Mədain xərabələrində Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər. Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi. On bir gündən sonra Qızıl Arslanla şairlər xəlifənin gəmisinə oturub Kəsra qəsrinə, Mədain xərabələrinə baxmaq üçün yola düşdülər. Qızıl Arslan Kəsra qəsrinə çox diqqətlə baxdı, bir ah çəkərək Nizami tərəfə baxıb bu şeiri oxudu: Cəzayi xeyri əməl bin ki ruzigar hənuz Xorab mi nəkünəd barigahü Kəsrara Qızıl Arslan bu şeiri oxuyandan sonra əlavə edərək dedi: – Mən ərəb xalqına düşmən deyiləm. Lakin onların, xalqların mədəniyyətinə olan vəhşicəsinə təcavüzləri məndə o xalqın rəhbərlərinə qarşı silinməz bir nifrət oyandırmışdır. Onlar xalqların mədəniyyətini yıxdılar, əvəzində isə onlara din və məzhəb verdilər. Nizami Qızıl Arslanın cavabında gülümsəyərək dedi: – Onların din və məzhəbdən başqa nələri var idi ki?! Qızıl Arslanla Nizami bu söhbətlərdə ikən Xaqanini görmədilər. Onlar Mədain qəsrinə qayıtdıqları zaman Xaqanini orada gördülər. O, qələmdanı qəsrin qırıq kərpicləri üzərinə qoyub, Mədain xərabələrini diqqətlə nəzərdən keçirir və düşünürdü. Nizami Qızıl Arslanı dayandırdı: – Dayan hökmdar! Ona mane olmayaq, şair yazdığı zaman onun fikri başqa aləmlərdə gəzir, elə bir zamanda şairə yaxınlaşmaq, onu qalib ikən məğlub etmək deməkdir. Onlar qayıdıb bir daha dolaşdılar, Xaqani isə oturub hər qırıq daşı bir hökmdarın əsərini oxuyan xərabələrə baxırdı. O, bir saatdan artıq oturmadı, şerini yazıb bitirdi. O, yerindən qalxıb donunun ətəklərini Kəsra qəsrinin tozlarından təmizlədiyi zaman, Qızıl Arslanın xidmətçisi gəlib onu çağırdı. Nahar vaxtı idi. Qızıl Arslan üçün Mədain xərabələrində nahar yeməyi hazırlanmışdı. Nahar yeməyindən sonra bir daha Mədain xərabələrini gəzdilər, sonra da Bağdada qayıtmaq üçün gəmiyə oturdular. Gəmi yola düşdüyü vaxt Nizami Xaqaniyə müraciət edib dedi: – Əfzələddin, yazdığını tamamladınmı? – Bəli, tamamladım. – Oxuya bilərsənmi? Qızıl Arslan da maraqlandı və ricaedici bir surətdə Xaqaniyə dedi: – Rica edirəm o şeri birinci olaraq mənim üçün oxuyun. Qoy tarixdə “Xaqani Mədain xərabələrinə yazdığı şerini birinci dəfə Qızıl Arslan üçün oxumuşdur” – deyə yazsınlar. Çünki mən əsrimdə elə bir islahat yarada bilmədim ki, adım tarixdə yaşaya bilsin. Nə həyatım, nə də düşmənlərim tarixdə yaxşı ad qoymaq üçün mənə imkan vermədi. Fikrimdə olanların yüzdən birisini həyata keçirə bilsəydim, özümü dünyanın ən tarixi bir adamı hesab edərdim. Hələlik iki böyük zatın dostluğunu qazanmaq şərəfinə nail olmuşam, bəlkə bunlarla dünyada mənim adımı çəksinlər. Qızıl Arslan bunu deyərək, məhzun bir vəziyyət aldı, yenə də üzünü Mədayin xərabələrinə çevirib baxmağa başladı. Nizami, Qızıl Arslanın həyatda bədbinləşdiyini görüb Xaqaniyə müraciət edib yavaşdan dedi: – Şerini oxu! Hökmdarı kədərlərin pəncəsindən qurtar. Xaqani şeirini oxudu: Han ey dele ibrət bin əz dide nəzər kon han, Eyvani-Mədayinra ayineyi-ibrət dan. Yek rəh zerehi Dəclə mənzel be-Mədayin kon, Əz didə dövüm Dəclə bər xaki-Mədayin ran. ............................... Dəndaneyi her qəsri pəndi dəhədət nov-nov Pənd öz səri dəndane bəşnov zi bone dəndan. Güyəd ki, to əz Xaki, ma xake-toim əknun. Kame do se bər ma neh, əşki do-se həm befşan. Əsər çox təfsilli yazılmışdı. Qızıl Arslan çox razı qaldı. Nizami isə: – Bu əsər Əfzələddinin şah əsəridir. Gələcəkdə bu şeir mislinə yüzlərcə nəzirələr yazılacaqdır. Lakin onların heç birisi müvəffəq ola bilməyəcəkdir. Qızıl Arslan isə fikirli bir surətdə Xaqaniyə və Nizamiyə baxıb dedi: – Mən bunun üçün Şirvan şahlığının düşməniyəm. Çünki onlar Xaqani və Əbül Üla kimi şairlərin dillərini əllərindən aldılar, yerli dildə ədəbiyyat yaradılmasına imkan vermədilər! Hazırkı şerin böyük qiyməti yerli dildə yazılmasındadır. Qızıl Arslan xəlifədən alınan qiymətli daşlar, qızıl və gümüşlə Toğrulun xəzinəsini doldurdu. Məmləkətin daxilindən əcnəbi nümayəndələrini sürgün etdi və Toğrula bir məktub göndərdi: “Hazırda məmləkətin hüdudları tanılmış qoşunların müdafiəsi altındadır. Düşmən qorxusu hiss edilmir. Düşmən sərhədlərdən və məmləkətin daxilindən qovduq, hökuməti xəlifənin və xəlifə bayrağı altında işləyənlərin nüfuzu altından qurtardıq. Hazırda məmləkətimizdə təzə həyat yaratmaq üçün böyük imkanlar vardır. Hökmdar bu imkanlardan istifadə etməlidir. Xəzinəni qızıl və qiymətli daşlarla doldurmuşam. Onların hamısı bizim məmləkətimizdən axıb israfçı xəlifələrin xəzinəsinə tökülmüşdü. Hökmdar çalışmalıdır ki, bir daha o qızıllar və hədd-hesaba gəlməyən sərvətimiz başqa yerlərə axıb getməsin. Hökmdar çalışmalıdır ki, ruhanilərin və qazıların əlindən aldığımız hüquq bir daha onlara qaytarmalısan. Hökmdar bir daha ətrafında əcnəbi nümayəndələrinin yerləşməsinə imkan verməməlidir. Bir qədər ehtiyatlı olmaq lazımdır. Məmləkət işlərini şəxsi işlərdən ayırmaq və rəiyyətin qeydinə qalmaq, ölkənin abadlığına çalışmaq birinci vəzifəmizdir. Xalqın gözünün açılmasına çalışmalıyıq. Şüuru kor olan rəiyyətlə mədəniyyət qurmaq mümkün olmaz. Məktəblər, mədrəsələr açdır. Müəllimlərin xalqa nə öyrətdikləri ilə tanış olmaq hər şeydən əvvəl lazımdır. Məscidlərimiz çoxdur. Ruhanilərin başını məşğul etmək üçün məscidlərə müəyyən kəndlər və malikanələr təxsis edilməlidir. Qoy onların başı yeməklə məşğul olsun. Belə olursa, onlar hökumət işlərinə müdaxilə etməyə vaxt tapmazlar. Məmləkətdə ziyalı qüvvələrin doğulmasına çalış, çünki ruhanilərin yarada biləcəkləri adət və bidətləri ancaq ziyalılar və alimlər vasitəsilə ləğv etmək mümkündür. Məmləkətin və xalqın vəziyyətini bilavasitə deyil, bilavasitə öyrənmək lazımdır. Hökumətin taxıl anbarlarını göz bəbəyi kimi qorumaq lazımdır. Məmləkəti qıtlığa düşürənlərlə, aclıq nəticəsində xalq üsyanı yaradanlarla mübarizə üçün hər şəhərdə taxıl anbarları saxlamaq lazımdır. Gözətçiləri və xalq həyatının müdafiəçilərini tez-tez gözdən keçirmək lazımdır. Xalq bizə arxalanıb gecələri evində rahat yatdığı zaman biz yatmamalıyıq. Hökumət qanunlarını elə bir şəklə salmaq lazımdır ki, rəiyyət əsirlik, məcburiyyət və məhkumluq hiss etməsin. Hökmdarlığın ən əsas və lazımı cəhətlərindən birisi də öz dostunu tanımasından ibarətdir. Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. Xalqın milli simasını dəyişdirə biləcək hər bir təşəbbüsə qarşı amansız mübarizə açmalısan. Buna görə də Azərbaycan xalqını vahid bir xalq şəklindən çıxarmaq üçün onları qəbilələr və irqlərə ayıran tarixçilərlə bir düşmən kimi rəftar etmək lazımdır. Yerli dilin inkişafına çalış, çünki milli varlıq vahid dil vasitəsilə möhkəm ola bilər. Məmləkət daxilində yaşayan və azərbaycanlı olmayan millətlərlə rəftar və hərəkətini ümumi hökumət qanunu dairəsində qurmalısan. Rəiyyətin ögey və doğması olmamalıdır. İsrafdan və xəsislikdən qaçmalısan. Məmləkət işlərində vəzirlərindən məsləhət almaqla kifayətlənmə, onlara məsləhət verməyə və işlərini yoxlamağa çalış. Din işlərinə məşğul olduğun zaman dünya işlərini yadından çıxarma, çünki dünyada yaşamaq üçün onu abad etməli və yaşayış şəraitini gözəlləşdirməlisən. Fəxrəddini və Əlaəddini qoşunla bərabər Həmədanda qoyub gedirəm. Onlar bu məmləkətin dostudur, onlara inanmamaq mənə inanmamaq kimidir”. Qızıl Arslan bu vəsiyyətləri yazılı olaraq Toğrula verəndən sonra Xaqani və Nizami ilə bərabər Təbrizə tərəf yola düşdü. Lakin Qızıl Arslanın Bağdaddan qayıdan qalib ordusu musiqi və şadlıqla qarşılanmırdı, çünki Qızıl Arslan Həmədandan çıxdığı gün məhərrəm ayı daxil olmuşdu; buna görə də Həmədandan Təbrizə qədər olan on günlük yolu təziyə səsləri və matəm sədaları içərisində keçib gedirdilər! Qızıl Arslan Qəzvin xalqının “Va Hüseyn!” qışqırığını görüncə, yavaşdan Nizamiyə müraciət edib dedi: – Azərbaycan xalqının “Hüseyn təziyəsi” yerinə Babəkin öldürüldüyünü matəm elan etdiklərini görsəydim, o zaman özümün həqiqi azərbaycanlı olduğumla fəxr edərdim. Bağdad üzərinə olan son səfərim göstərdi ki, azərbaycanlılar Midiya dövründəki qəhrəmanlığını itirməmişdir. Onlar bunu Müseyibdə və Bağdad qapılarında gedən qanlı müharibələrdə isbat etdilər. Azərbaycanlılar Midiya dövründə olduğu kimi, bir daha asorilər və gəldanilər vətənində qılınc parlatdılar. Sizi əmin edirəm ki, mən bu xalqın köməyi ilə Azərbaycanın Midiya dövründəki hüdudlarını alınmaz bir qala şəklinə qoya bilərəm. Lakin məmləkətin düşmənləri irsi qəhrəmanlığı çürütmək və bu qəhrəmanlığı daşıyan xalqı özünün köləsi qayırmaq üçün Azərbaycana sirayətedici bir xəstəlik salıbdır ki, o da mövhumat, mövhumat, yenə də mövhumatdan ibarətdir. Bu mövhumatın ən böyüyü həmin “Hüseyn təziyəsidir”. Azərbaycan ziyalıları bununla mübarizə aparmalıdır. Qızıl Arslan Həmədandan Təbrizə qədər Nizamidən özünün başladığı islahat haqqında bir çox məsləhətlər aldı. Nizaminin ona verdiyi əsas məsləhət bundan ibarət idi: “Hökmdarın tələsməsi lazım deyil. Böyük işlər hazırlıq və tədricilik tələb edir. Mövhumat və büdət hansı yollarla gəlmişdirsə, həmin yollarla da onu məhv etmək lazımdır. Heç bir kəsə “dinini at” demək olmaz. İnsanları büdət və dinin məşğuliyyətindən ayırmaq üçün onlara başqa məşğuliyyət vermək lazımdır. O məşğuliyyət mədəni məşğuliyyətlərdən ibarətdir. İndiyə qədər ərəblər və iranlılar bu yolun qarşısını almışlar, lakin indi bizim üçün heç bir maneə yoxdur. Xüsusən əlahəzrətin xəlifə ilə bağladığı son müqavilə mövhumatla mübarizə üçün böyük imkanlar yaradır. Azərbaycanlıların qəhrəmanlığına inanıram. Lakin bu qəhrəmanlığı elm və mərifətlə taclandırmaq lazımdır”. Qızıl Arslan Nizaminin cavabında: – Fikirləriniz doğru fikirlərdir, – dedi. * * * Təbriz xalqı Bağdad səfərindən zəfərlə qayıdan hökmdarı Vasminc şəhərinə qədər istiqbal etmişdi. Alınan əmr üzərinə Əbubəkr ibn Məhəmməd böyük şairlər üçün “Qızıl su” məhəlləsində təntənəli bir bina hazır etdirmişdi. Təbriz ədib və şairləri Nizami və Xaqaninin Təbrizə gəlməsini böyük milli bir bayram kimi qarşıladı. Şimali Azərbaycan ordusunun son dəstələri Gəncəyə qayıtmaq istədiyi zaman, Xaqani ilə Nizami Qızıl Arslana müraciətlə Aran tərəfinə qayıtmaq üçün icazə istədilər. Qızıl Arslan bu təklifdən razı qalmayaraq dedi: – Mən çox təəssüf edirəm ki, pərəstiş etdiyim iki böyük zat məndən ayrılmaq istəyir. Təbrizdə qalıb, məmləkətin idarəsi işlərində mənə kömək edin, sizin məsləhətləriniz mənim üçün olduqca qiymətlidir. Mənim ədiblərə, şairlərə və alimlərə qoyduğum qiymət sizə gizlin deyildir. Görürsünüz ki, “Qızıl su” məhəlləsini şairlər, ədiblər, alimlər və filosoflar məhəlləsinə döndərmişəm. Sizin üçün hər nə lazım isə hazır etdirərəm, ailənizi Təbrizə gətirmək üçün rahətlərini təmin edərəm. Xüsusən Xaqani cənablarının Şirvan şahlığına qayıtması da yaxşı deyil, ona görə də Təbrizdə qalmasını məsləhət görürəm. Xaqani Təbrizdə qalmağa razılıq verdi, lakin Nizami: – Hökmdar həzrətləri özü bilir ki, mən Gəncəni sevirəm, – dedi. – Mən gəncliyimi orada keçirmişəm. Orada da qocalmaq istəyirəm. Mən o torpağın məhsuluyam, buna görə də aranlılarla birlikdə yaşamaq istəyirəm. Orada yalnız mənim ailəm deyil, minlərcə dostlarım və şerimin maraqlıları vardır. Onlardan ayrılmaq, hər şeydən ayrılmaqdır. Mən o həyatı və oradakı kasıb evimi sevirəm. Orada yaradılmışam, orada da yaradıram. Mən vətənimdəki ölülərdən və dirilərdən də ayrılmaq istəmirəm, mən Məhsəti xanımla bir qəbrə yatmağı istəyirəm. Hökmdar məni buraxsın, gedib Gəncədə öz padşahlığımı sürüm. Qızıl Arslan yerindən qalxıb Nizaminin əlindən və alnından öpərək: – Sən diriliyində də, öləndən sonra da padşahsan, padşahları bir ölkə taclandırırsa, sən bütün ölkələri öz əsərlərinlə taclandırırsan, – dedi və öz taxtını göstərib: – Minlərlə belə taxtlar, böyük şairin bir misrasına bərabər ola bilməz. Gedin, razılıq verirəm, lakin qəlbən dərin bir kodər hiss edirəm, – dedi və Şəmsəddini çağırıb əmr verdi: – Böyük Nizamini Arana yola salmaq və şairin rahatını təmin etmək üçün hər nə lazım isə hazır etdirin, şimala qayıdan ordu hissələri ilə şair də yola düşməlidir. Üç gündən sonra başının üzərində zəfər bayraqları əsən bir taxt-rəvan gedirdi. Təbriz yazıçıları, Təbriz şairləri Xaqani ilə birlikdə Nizamini yola salmaq üçün Acı çaya qədər piyada gəlib orada vidalaşdılar. Xaqani Nizaminin qolundan tutub taxt-rəvana qaldırdı, öpüşdülər, ağladılar. Ordu körpünün şimalından şərqə doğru dönüb Qaradağ yoluna aşınca qədər Xaqani durub Nizaminin dalınca baxırdı, sanki onu qəlbindən səsləyib deyirdi: – Əcəba, mən səni bir daha görməyəcəyəmmi?! * * * İnad Əlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı: “Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır. Həşəmətmaab həzrətlərinə xəbər verilməsi lazım gələn məsələlərdən birisi də əlahəzrətin Azərbaycan qoşunlarına məsarif verməməsindən ibarətdir. Bu barədə Həşəmətmaabın əmrini gözləyirik. Əlahəzrətin əmrinə görə təzə qoşun dəstələri düzəlir. Qoşunun rəhbərləri keçmişdə Həşəmətmaab tərəfindən tərk-silah edilmiş rəislərdir. Aralıqda gəzən şaiyələrə görə Həmədanda olan Azərbaycan qoşunlarını məmləkətin başqa tərəflərinə göndərmək istəyirlər. Alınan xəbərlərə görə Qətibə xatunun Həmədana gətirilməsi münasibətilə Atabəy sarayını təmir etdirirlər. Bu gün Həşəmətmaabın Rey məmləkətinə göndərdiyi dəstələrinin birinci hissəsi Həmədana qayıtdı. Qoşunun nə səbəbə geri qaytarılması məlum deyil. Hələlik əlahəzrət bu qoşunun nə vəzifə ifa edəcəyi haqqında bir əmr sadir etməmişdir. Bu barədə Həşəmətmaabın əmrinə müntəzirik. İki gün əvvəl Həmədana Bağdaddan on nəfərdən ibarət bir heyət gəlmişdi. Onlar burada bir gün qalandan sonra Azərbaycan tərəflərinə yola düşdülər. Hər halda əlahəzrətin məmləkəti idarə etmək barəsindəki hərəkəti şübhəlidir. Paytaxtda kimliyi məlum olmayan adamlar həddindən artıqdır. Əlahəzrətin sarayına qarovul təyin edilmiş azərbaycanlılar təzədən mənim sərəncamıma göndərilib, yerlərinə İraq qoşunları təyin edildi. İşdən qovulmuş vəzirlər təzədən əlahəzrət tərəfindən işə götürülmüşdür. Əlahəzrətə verilən məruzə məktublarının heç birisinə cavab almırıq, şəhərin mühafizəsi və qələbəyilik vəzifəsi mənim ixtiyarımda olduğuna baxmayaraq Həşəmətmaab tərəfindən dara çəkilmiş şəhər mühafizəsi rəisinin qardaşı bu işə təyin olunmuşdur. Buna görə də təklifiniz müəyyən edilməlidir”. Qızıl Arslan Fəxrəddin və Əlaəddinin məktubunu alan kimi Toğrulun və Qətibənin inadlarında davam etdiklərini təyin etdi və Qətibə xatuna belə bir məktub yazdı: “Möhtərəm mələkə! Cənab haqqın inayət və mərhəmət sayəsində salamat yaşadığınızı eşidib həddindən artıq şadlandım. Bağdad səfərimiz haqqında sizə təfsilən yazmışdım. O barədə bir daha yazmaq istəmirəm. Lakin bu günlər paytaxtdan gələn xəbərlər məni olduqca rahatsız edir. Əlahəzrət yenə də məmləkətin dostu olmayan bir çox şəxsiyyətləri iş başına gətirməklə, Azərbaycan xalqının qanı ilə əldə etdiyimiz qələbəni uduzmağa çalışır. O, Həmədanda olan Azərbaycan qoşunlarının vəzifələrini azaldır, xain vəzirləri iş başına gətirir, hətta məmləkətin düşmənləri olan qonşu hökumətlər ilə də əlaqəyə girir. Təbrizə gələn xəbərlərə görə mələkənin də Həmədanına getmək xəyalı var imiş. “Mələkə həzrətləri bir daha Həmədandan çıxmağa məcbur olmasın” – deyə mən məsləhət görmürəm. Əlahəzrətin hərəkətləri mənim bir daha Həmədanı işğal etməyimə səbəb olacaqdır. Rey məmləkətinin idarəsi barəsində ümid etmədiyim xəbərləri eşidirəm. Mən heç vaxt məmləkətin mühüm bir hissəsinin əcnəbi himayəsinə keçməsinə imkan verməyəcəyəm. Nə qədər Qızıl Arslan sağdır, Atabəy məmləkətinə əcnəbi əli uzadıla bilməz. Mən ölsəm də azərbaycanlılar mənim məqsədimi təqib edəcəkdir. Mən qardaşım oğlu Qütlüğün igidliyinə inanıram. Hərgah ona təsir yetirəcək xain əllər vardırsa, onu müdafiə edən qılınclar da yox deyil. Mən əlahəzrətin Rey məmləkətinin idarəsi haqqındakı fikrini bilmirəm, mələkəyə öz şəxsi fikrimi yazıram. Mən heç vaxt nə mələkənin oğlunun, nə də əlahəzrətin Rey barəsində başqa bir hökumətlə bağladığı müqaviləni tanımayacağam”. * * * Hüsaməddin Xarəzmdən Həmədana qayıdan kimi əlahəzrət Toğrul tərəfindən qəbul olundu və Qətibəyə məktub aparmaq üçün Rey şəhərinə yola düşdü. Qütlüğ İnanc köhnə dostunu çox hörmətlə qəbul etdi. Ona ziyafət və xələt verəndən sonra, Qətibə ilə görüşmək üçün Şimran yaylasına yola saldı. Qətibə tək idi. O çox kədərli idi. O, Rey şəhərinə göndəriləndən sonra büsbütün dəyişmişdi. Əsəbləri pozulmuşdu, işsizlik onu xəstələndirmişdi. Qızlığından bəri macəra və intriqalara adət etmiş bu qadın siyasətə, intriqa və ixtilafa qoşulmadan yaşaya bilmirdi. O, Qızıl Arslan tərəfindən Rey şəhərinə sürgün edildiyinin birinci ayında Səba xanımın cariyələrlə nökərlər arasında düzəltdiyi döyüşmə və ixtilaflarla vaxtını keçirirdi. Nəhayət, bu məşğuliyyət də onun üçün uzun çəkmədi, iki cariyə özünü suya atıb boğandan, birisi də özünü zəhərlədikdən və bir nökər isə Səbanın dediyi üzrə cariyələrlə əlaqədə olmasilə töhmətlənib döydürüldükdən sonra Qətibə daha da əsəbiləşib Səbanı öz yanından qovdu. Gün batırdı, o, yerindən bir xəstə kimi qalxıb güzgünün qarşısına gəldi. Uzun dəqiqələr güzgünün qarşısında durub bütün varlığını gözdən keçirdi, lakin o özünün tamamilə dəyişdiyini hiss etmədi, çünki o, hər gün güzgüyə baxdığı zaman: “Yenə də dünənkiyəm, çöhrəmdə, əndamımda heç bir dəyişiklik yoxdur” – deməyi adət etmişdi. Yenə də həmin sözü dedi. Doğru deyirdi. O, dünənki idi, lakin “dünənki” sözü təkrar edilə-edilə 20 ilə varmışdı. Onun Nizami şerini əzbərlədiyi gündən, doğrudan da, iyirmi il keçirdi. O, daima güzgüyə baxıb öz gözəlliyini təqdir etdiyi zaman Nizaminin bu şeirini oxuyardı: “O gözəl, incə sevgilərdən şən, Bir çiçəkdir doğuldu şəbnəmdən”. Qətibə güzgünün qarşısında durub bu şeri bir daha oxudu və öz-özünə dedi: – O daş ürəkli şair bir şeri mənim üçün yazmasa belə, mən daima özümü həmin şerin kəlmələri içərisində görürdüm. Mən heç vaxt qocalmayacaqdım. Çünki mən sevə bilərdim, həm də ki, gözəlliyim solmaz bir gözəllik idi. Lakin o şair mənim gözəlliyimə qarşı sui-qəsd etdi. O bununla kifayətlənmədi, mənim bədbəxtliyimdə də iştirak etdi, mənim düşmənlərim ilə dostluğa başladı. Atamın qatilləri də onun dostlarının cərgəsində idi. Lakin mənim gözəlliyim hələ təslim olmamışdır. Gözəlliyim ona qarşı bir çoxlarının düşmən hisslərini coşdura bilər. Birisinə öz mərtəbəm üçün ərə getdim, o birisinə də oğlumun gələcəyi üçün ərə getməliyəm. Kim bilir, bəlkə başqasına da gedəcəyəm. Lakin bunların heç birisi ər deyil, mən də onlara qadın deyiləm. Bu dünyada aldadanlar və aldananlar hədsizdir. Mən də onların birisiyəm. Axırda kimlər qalib gələcəkdir?! Yalançı sevgiliyə əsir olanlar məğlub, başqalarını öz sevgilərinə inandıranlar isə qalib gələcəkdir. Qətibə bunları dedikdən sonra bir daha güzgüyə baxdı və yavaşdan dedi: – Bilmirəm, mən bu yaşımda və solmağa başlayan gözəlliyimlə bir qəlbə girməyi bacara biləcəyəmmi? O mənə inanıb öz məğrur başını dizimin üstünə qoyacaqdırmı? Mən o zaman onu məhv edər və onun dostluğu ilə fəxr edən və ona öyüd verən şairi də onun dalınca yoxluğa tərəf göndərərdim. Qapı açıldı, cariyə gəlib: – Bir nəfər müsafir mələkə həzrətlərini görmək istəyir, – dedi. Qətibə güzgüdən aralanıb: – Buyursun! – dedi və öz-özünə danışdı: “Ah, ey mənim mənfur bəxtim, sən bir dəfə də mən düşündüyüm kimi düşünsəydin! Sənə aylarca yalvarıram, lakin yenə də mənim əməl və arzularımın əleyhinə gedirsən. Əcəba bədbəxt bir qadını güldürmək və kədərli bir qəlbi sevindirmək sənin üçün ağırdırmı? Çətindirmi? Sən mənə nə Hüsaməddindən bir xəbər, nə də Toğruldan bir məktub qazandıra bilmədinmi? Sən məni tamamilə məhv etməkmi istəyirsən?”. Bu sözdə Hüsaməddin içəri girib salam verdi və mələkənin ayaqlarından öpmək üçün diz çökdü. Qətibə isə onun qolundan tutub qaldırdı və dedi: – Qalx, mənim ruhum, qalx! Qalx dostum, qalx! Səni bura gətirən mənim iqbalımdır. Bəxtim mənə gələcəyin qalibiyyət xəbərini verdi. Qətibə bu sözlərdən sonra özünü Hüsaməddinin qucağına atdı, dodaqlarını onun dodaqlarına dayadıqdan sonra yenə də həmişə olduğu kimi: – Dalısı sonra, dediklərim həyata keçdikdən sonra, – dedi və Hüsaməddinin əlindən yapışıb öz yanındakı səndəlin üzərində oturtdu, sual verdi: – Mənim ruhum, səni həbsxanadan kim qurtardı? – Məni mələkənin əmri və Səba xanımın köməyi qurtardı. – Həmədandan danış görüm nə vardır? Onlar öz mələkəsini unutdumu? – Xeyr, mələkə həzrətləri. Sizin dostlarınızın hamısı Həmədana gəlibdir. Onlar öz möhtəşəm mələkəsinin yolunu gözləyirlər. – Doğrudan da yolumu gözləyirlərmi? – Bəli, yolunuzu gözləyirlər. Atabəy qəsrinin təmirinə başlanıbdır. Qətibə bu sözdə dodaqlarını bir daha Hüsaməddinə uzadaraq soruşdu: – Sən bunu doğrumu deyirsən? – Atanızın ruhuna and içirəm! Əlahəzrətin məktubunu gətirmişəm. Hüsaməddin bunu deyərək, Toğrulun məktubunu Qətibəyə verdi. Lakin Qətibə sevindiyindən oxuya bilmirdi, hərflər onun gözündən qaçırdı, ürəyinin çırpıntısı göz bəbəklərinin hərəkətinə səbəb olurdu. Nəhayət, əlləri titrəyə-titrəyə məktubu Hüsaməddinə uzadaraq: – Al oxu, mənim ruhum, al oxu, – dedikdə Hüsaməddin məktubu alıb oxumağa başladı: “Möhtərəm mələkə! Zamanın hadisələri bir-birini təqib edir. Həyatımızın qiymətli günləri ruzigarın dəyirmanında dartılan dən kimi toz olub gedir. Qardaşımın əqlə və siyasətə uyğun olmayan hərəkətləri yalnız düşmənlərin deyil, dostlarımızın da həyatına fəna təsir edir. O, təzə dünya yaratmaq istədiyi islahat ilə köhnə dünyanı da dağıtdı. Dünya qurmaq işində bacarığı olan adamları sürgünə, həbsxanaya alır və dar ağacına qaldırır. Mələkənin Həmədandan getməsi mənim üçün çox ağır idi, lakin məni təskin edəcək bir cəhət var idi; o da mələkənin Həmədanda əsən küləkli günləri görməməsi idi. Lakin o günlər daha yoxdur. Yenə də mən işi öz sahiblərinin əlinə tapşırmağa başlamışam. Zəhir Bəlxi və Kəmaləddin cənabları da paytaxtdadır. Azərbaycandan Həmədana gətirilən nadinc qoşunların yavaş-yavaş qulaqları burulur. İraqlılardan ibarət çox qüvvətli qoşun dəstələri düzəltmişik. Hər iş öz yerindədir. Olmayan bir iş varsa, o da mələkə həzrətlərinin Həmədanda olmamasıdır. Buna görə də Hüsaməddini Xarəzmdən çağırıb mələkəni paytaxta gətirmək üçün Reyə göndərdim. Bu barədə ixtiyar mələkənin özündədir. Atabəy qəsri təmirdən qurtarıb mələkənin təşrif gətirməsini gözləyir”. Qətibə məktubu alıb gözlərinə sürtdü və həyəcanla qalxıb otağın o tərəf-bu tərəfini dolaşdı, Hüsaməddin isə oturub öz hərəkətinin aqibətini düşünürdü. O, mələkənin paytaxta getməsindən razı qalırdısa da, onun Toğrul ilə barışmasından heç də razı deyildi. Çünki mələkənin paytaxtı və mələkəliyi ələ almaq istədiyini bilirdi, bu isə ancaq mələkənin Toğrula ərə getməsi ilə mümkün idi. Hüsaməddin bunları düşündüyü dəqiqələrdə Qətibə də evi dolaşdığı halda fikirləşirdi: “Əvvəlcə mənə Toğrul lazımdır. Onu istədiyim zaman aradan qaldıra bilərəm. O həm qorxaqdır, həm də tez aldanır, Hüsaməddin isə qorxmaz bir adam olsa belə axmaqdır, sevgisi başının bəlasıdır. O, hələ indi də mənə baxdığı zaman Gəncədəki Qətibəni düşünür. Halbuki mənim iyirmi yaşında oğlum bir məmləkətin hökmdarıdır. Hüsaməddinə gələndə adi bir qoşun sərdarıdır. Lakin hazırda o mənim əlimdə oyuncaqdır. O elə xəyal edir ki, bir məmləkətin mələkəsi və bir hökmdarın əzəmətli anası ona ərə gedəcək və onunla soyunub bir yorğan-döşəyə girəcəkdir”. Qətibə bunları düşünürkən, özü də hiss etmədən qəhqəhə ilə güldü. Bu gülüş Hüsaməddinin sükutunu pozdu, çünki Hüsaməddin də eyni dəqiqələrdə düşünür və öz-özünə deyirdi: “İndi mən nəyəm?! Əlimdə qoşun yox, vəzifə yox, bir məmləkətin hakimi deyiləm. Qətibə mənim hansı bir mərtəbəmə aldanıb mənə ərə gəlməyə razı olacaqdır? Hazırda onun qapısında yüzlərlə mənim kimi nökərləri və onun oğlunun əli altında minlərlə səcdə edən Hüsaməddinləri vardır: Hazırda başqalarına səadət qazandırmaq üçün alət vəzifəsi bitirməkdəyəm. Qətibə qəlbində mənim üstümə gülür”. Qətibə də eyni ilə bunları düşünərək bir daha qəhqəhə ilə güldü və yenə də Həmədana nə zaman və nə qayda ilə hərəkət etməsi üzərində düşünməyə başladı. Hüsaməddini uzun illərin təhqirləri yaxaladı, o ayaq üstündə durduğu zaman böyük güzgüdə öz boy-buxununa baxdı, utandığından tərlədi, bir neçə dəqiqə dərin düşüncəyə qərq oldu və özünə nifrət edərək dedi: “Bax mən nə idim... Hazırda nə olmuşam?! Mənim sevgim, axmaqcasına sevgim məni hara gətirib çıxardı... Hazırda Qətibə kimdir? Mən, ərini öldürən bir qadını nə üçün sevəydim? Mən Atabəy Məhəmməd kimi bir hökmdara sədaqət göstərməyən bir qadından nə gözləyirəm?! Gözləyəcəyim bir şey varsa, o da təzə cinayətlər, başqaları əleyhinə düzələn sui-qəsdlər, yenə də məmləkətə qarşı xəyanətlər yaratmaq... Mükafatım nədir? Xalqın lənəti, vicdanımın əziyyəti! Mən bunun üçün Toğrulu, Qızıl Arslanı da məhv etməliyəm... nə üçün? Adi bir qadın, sədaqətsiz bir qadın üçün. O dodaqlar, məndən başqasının dodaqlarına icazə verən dodaqlar üçün... “Dalısı sonra”... bu nə deməkdir? Aldatmaq, cinayətləri dərinləşdirmək, daha ağır alçaqlığa yol vermək! Hüsaməddin bunları düşünərək titrədi və qəlbində dedi: “Yox. Mən daha bundan artıq alçalmayacağam, mən çox da bacarıqsız adam deyiləm, onun mənim əlimin altında sirləri vardır, mən istədiyim zaman onu məhv etdirə bilərəm”. Hüsaməddin bunları düşündüyü zaman yenə də Qətibəyə tamaşa edirdi. Gənclik onun nəzərində cilvələnir, onu yenə də Qətibənin ayaqlarına tərəf sürükləyir və həqarətin çuxurlarına doğru cəzb edirdi. Buna görə də Hüsaməddin bütün qüsurları sevgidə görür və ona lənət edərək deyirdi: “Sənə lənət olsun. Sən qəhrəmanları zəncirləyib bir vicdansızın, bir aldadıcının dizi altına verirsən. Cinayətləri doğan, insanları haqsızlığın dar ağaclarında boğan da sənsən. Dinə, peyğəmbərə, Allaha baş əyməyənlər belə ancaq sənin önündə diz çökürlər. İnsanların rahat həyatına zəhərlər aşılayan, intiqamlar, intiharlar yaradan sənsən. İnsanların ürəyinin qanından doğulursan, buna görə də qan tökdürməyi, insan öldürməyi, birini o birisinin üzərinə güldürməyi sevirsən. Dünyada sənin sevdiyin bir şey varsa, o da insanların şərəfsizliyi, alçalması, yalvarması və şüurlarının korluğudur. Sən ən böyük alimlərin başını ən adi bir qadının ayağı altında tapdayırsan. Sənə şeytan ruhu adı verənlər yalan demirlər ki... Sən böyük bir məmləkəti idarə edən hökmdarların idarəsini adi bir qadının iradəsinə bağlayır və sən bir xalqın müqəddəratını bir qadının saxta gülüşlərinə satırsan. Sən quru və murdar şəhvətdən başqa heç bir şey deyilsən. Bir-birinə zidd olan insanları barışdıran da sənsən, döyüşdürüb ayıran da sənsən. Sənsən beş dəqiqəlik nəşələrin nəticəsində insanları əbədi fələkətə düşürən, həyatın sonuna qədər inlədən. Sənə qılınc, yalvarmaq, din və vicdan qalib gələ bilmir. Sən ancaq ölümlə, özü də şərəfsiz ölümlə insanın yaxasını buraxırsan..." Qətibə birdən-birə dönüb Hüsaməddinə baxdı və onda bir dönüş yaradıldığını dərhal hiss etdi. Ona yaxınlaşaraq: – Mənim ruhum! – dedi. – Yorulduğunu hiss edirəm, məncə uzunuzadı yolları piyada getmək, yeməmək, içməmək, yumşaq yorğan-döşəkdə deyil, tikanlar və daşlar üstündə yatmaq insanı yora bilməz. Lakin ruhun yorğunluğu düşüncə və ümidsizliyin yorğunluğu olduqca ağır və əziyyətlidir. Mən səndən ayrılıb Rey şəhərinə gəldiyim gündən bəri saydığım ağırlıqların yorğunluğu qarşısında əzilməkdəyəm. Mənim üçün ancaq bir ümid qalmışdı. Sən bilirsən ki intiharla ümidin arasındakı məsafə iki dodaq arasındakı məsafədən daha qısadır. Lakin mən ümidsizliyə imkan verməməyə çalışırdım. Ümidsizlik qalib gəlmək istərkən, ancaq səni düşünür, bununla da ümidlərimi möhkəm edirdim. Ancaq o düşüncələr nəticəsindədir ki, bu gün sən məni öz qarşında və öz sərəncamında görürsən. Qətibə bunları deyərək qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarından öpdüyü zaman: – Ancaq bu dodaqlar vasitəsilə sənin məhəbbətin mənim qanıma daxil ola bilir. Yalnız bu dolaqların vasitəsilə iki sevgi birbirinə aşılanır. Nəhayət, bununla da qaynayıb bir-birinə qarışır, bununla da nəbzlərin vuruşu və ürəklərin çırpıntısı birləşir və bir can iki bədəndə yer tutduğu zaman, sevgilər gözlənilən nəticələri verməyə başlayır. Mənim ruhum! Get-gedə sənə öyrənir və sevgilərini qanıma buraxıram. Mən elə zənn edirəm ki, nəbzlərimizin vurğuları da bərabərləşir. – Qətibə bunu deyərək birinci dəfə öz ağ biləklərini Hüsaməddinin əlinə verdi. – Bax, nəbzin vuruşuna, əlini ver mənə, qəlbin çırpıntısını da nəbzlərin vurğusu ilə ölçə bilərsən. Hüsaməddin Qətibənin ağ və inci biləyindən tutduğu zaman hər bir şeyi unutmuşdu. On dəqiqə əvvəl baş verən dönüşdən bir əsər belə qalmamışdı, indi isə o öz qəlbində düşünür və deyirdi: “Dünyada məndən xoşbəxt bir insan harada tapılar?.. Böyük bir məmləkətin məlykəsi əlini, dodaqlarını mənim sərəncamıma vermişdir. Sevgi belə şeydir. Doğrudur, sevgi yalnız sevgini axtarır. Sevginin önündə mərtəbənin, dərəcənin, mənsəb və rütbənin, tac-taxtın əhəmiyyəti ola bilməz. Əcəba, Qətibə qızlığında yoxsul bir şairi sevmədimi? Şairdən ötrü bütün varlığını fəda etməyə hazır deyildimi? Heç vaxt, mənim əvvəlki fikirlərim doğru deyildir. Onun məni sevməsində heç də təəccüb etməli bir şey yoxdur. Sevginin xasiyyəti belədir. Padşah bir naxırçı qızını da sevər, yainki padşahın qızı keçəl bir gədəyə aşiq ola bilər. Sevginin bu xüsusiyyəti də alçalmaq deyildirmi? Halbuki mən nə keçəl bir gədəyəm, nə də ki, naxırçıyam. Mənim qılınclarımın şəfəqi hələ də aranlıların gözlərini qamaşdırmaqdadır. Əcəba, Qətibə mənim qəhrəmanlıqlarımı bilmirmi?! Qətibə əlini Hüsaməddinin əlindən çəkib dedi: – Get, rahat ol. Mən də bir az rahat olum, əsas söhbətlər axşam yeməyində! * * * “Mələkə” Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu: “Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”. Şəhər çıraqban idi. Toğrul tərəfindən düzəldilmiş İraq qoşun dəstələri mələkənin taxt-rəvanı keçən yolların ətrafında düzülmüşdü. Zəhir Bəlxi və Kəmaləddinin oturduğu taxt-rəvan mələkənin taxt-rəvanının dalınca gəlirdi. Hüsaməddin isə bir dəstə Rey atlıları ilə mələkənin taxt-rəvanını Reydən Həmədana qədər müşayiət edirdi. Atabəy qəsrinin ətrafına yığılan minlərcə Toğrul tərəfdarları bir ağızdan “Yaşasın mələkə!” deyə qışqırırdılar. Mələkə paytaxta daxil olandan bir həftə sonra Sultan Toğrul mələkəni ziyarət etmək üçün Atabəy sarayına gəldi. Toğrul mələkənin sözü haradan başlayacağını bildiyi üçün, eyni mövzudan söhbətə başladı və dedi: – Mələkənin paytaxtdan uzaqlaşdırılması hamıdan artıq mənə təsir edirdi. Ayrılıqların təsirində yazdığım rübailərdən birisini mələkə üçün oxuyacağam. Diruz çinan visali canəfruzi İmruz çinin fəraqü aləm suzi. Əfsus ki bər dəftəri ömrəm əyyam, An ruzi çinin nuvisəd inra ruzi. Qətibə bu rübaini eşidəndən sonra Toğrula çox diqqətlə baxaraq, başına hərəkət verməklə dedi: – Bir məqsədi ifadə etməyən şeir, şeir deyildir. Sevgi hisslərini bədii şəkildə vermək istəyən şairlər də yanılırlar. Çünki sevginin özündə şeirdən daha yüksək bir bədiilik vardır. Buna görə də şairlər “sevgiyə bədiilik verirəm” – deyərək, onu təhrif edirlər. Əlahəzrət məni bağışlasın, onun rübaisinə diqqətlə qulaq asdım. Bəzən həqiqi bir mövzu əsasında olmayan şeirlər və onda bədiilik kimi ifadə edilən ünsür yalanlardan, toxumalardan, qeyri-təbiilikdən, başqa təbirlə desək, riyadan və saxtakarlıqdan ibarət qalır; çünki şair mövzu yoxsulluğunu obrazlar və qafiyələr altında gizləməyə çalışır. Əlahəzrətə ərz etmək istəyirəm ki, bu yol, sənətkarlıq yolu deyildir. Əlahəzrət elə bilməsin ki, onun mənə bəslədiyi sevgiləri mən inkar etmək istədim. Mənim əsas məqsədim, onun rübaisindəki məqsədsizliyi göstərməkdir. Bizim hazırkı zamanımızda məqsədi şerə, yaxud şeri məqsədə tətbiq etməyi bacarmağın özü də məsələni həll etmir. Çünki bizim məqsəd və vəzifələrimiz o qədər böyükdür ki, onu əlahəzrətin bir rübaisində ifadə etmək heç bir kəsə qənaət verməz. Madam ki, əlahəzrətlə olan sevgimiz bir məmləkətin müqəddəratı ilə əlaqədardır, o zaman qafiyə və nöqtə lazım deyil, əlahəzrət sevgisini sözdə yox, söz və kəlmə yığıntılarından ibarət şeirdə yox, işdə və həqiqətdə göstərməlidir. Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı bükübb cibinə qoydu və gülümsəyərək dedi: – Zənnimcə, əzəmətli mələkə öz fikrində qismən yanılır, çünki qısa bir şeir uzun bir məqsədin xülasəsidir. Mən dörd misralıq şerimdə, uzun zamanlar mələkəni düşünərək, keçirdiyim acı iztirabların ifadəsini verə bilmişəm. Əcəba, mən bu misralarımda hicran günlərinin dəhşətli şəklini çəkə bilməmişəmmi? Əcəba, mələkə bu şeirdə sevgi və iztirabla dolu olan bir qəlbin həyəcanlarını oxuya bilmirmi? Qətibə bu sözlərə yenə də etiraz edərək dedi: – Bizim məsələmizi və hicran kəlmələrinin cürbəcür boyalarda verilməsi, nə də iztirabın dəhşətli bir qiyafədə təsəvvür edilməsi həll etmir. Məmləkət və sevgi məsələləri düşüncə, sakitlik, soyuqqanlılıq və hissiyyatdan uzaqlaşmağı tələb edir. Şeir isə xörəkdən sonra yeyiləcək bir meyvədən ibarətdir. Məqsəddə saziş və razılaşma olduğu zaman sevgini şeir olmadan da həyata keçirmək mümkündür. Madam ki, neçə ildən bəri aralıqda sürüklənən ixtilafları həll etmək mümkün olmamışdır, o zaman demək olar ki, əlahəzrətin öz şerində ifadə etdiyi sevgi sözlərində də səmimilik yoxdur. Çünki sevgi bütün məqsədləri həyata keçirə biləcək yeganə bir vasitədir. Şeir isə saxtalığı örtmək, müvəqqəti bir qənaət yaratmaq, vaxtı uzandırmaq və başı gicəlləndirmək üçün daha əlverişlidir. Mən əlahəzrətdən rica edərdim ki, o, şeri ancaq təbiətin təsvirində, həyatı bədii şəkildə vermək işlərində və təbiətin yaratdığı cansız şeylərə məna və təşbih taxmaq sahələrində işlətsin. Sevgi məsələlərini şeirə tapşırmaq olmaz. Çünki sevginin tələbatı o qədər böyükdür ki, onu şeir deyil, yalnız işlə və fədakırlıqla ödəmək olar. Toğrul yenə də mələkəyə verdiyi cavabında: – Mühüm məsələlər həllindən gözləniləcək müvəffəqiyyət tədricilikdən asılıdır, – dedikdə Qətibə də: – Lakin, yalnız sevgidə deyil, sürüdürücülük bütün məsələlərdə müvəffəqiyyəti və həqiqiliyi uduza bilər, – dedi. Toğrul cavab vermədi, düşünməyə başladı. Qətibə isə sükutu pozaraq dedi: – Sevgi gəncliyin məhsuludur. Tədricilik və sürüdürücülük isə qocalığa yaxınlaşmaq deməkdir. Lakin sevgi bunun əleyhinədir, çünki o, qocalığa təsən bir qəlbdə yaşamaq istəməz. O, istiqamətini dəyişir, şəklini başqa bir güzgüdə görmək istər, başqasının iqbalına bağlanmaq istər. Buna görə də əlahəzrət şeri və tədriciliyi bir tərəfə qoymalı və sürüdürücülük oyunlarından əl çəkməlidir. Mən açığını deyirəm. Mən hadisələrin dəyirmanında dartılmış bir qadınam, mənim üçün həyatın anlaşıla bilməyəcək heç bir cəhəti yoxdur. Buna görə də mən əlahəzrətə qazandırmaq istədiyim bu şərəfi bir başqasına qazandırmaq məcburiyyətində də qala bilərəm. Əlahəzrət öz taxt-tacının bu şərəfinə minnətdar olduğunu bir dəfə unutmamalıdır. Mən heç bir zaman öz məqsədimə nail olmadan əlahəzrətin Əlaəddin Təkişlə olan sazişini təsdiq etməyəcək və onun həyata keçməsinə imkan verməyəcəyəm. Mənim oğlumun iqbalı Əlaəddin Təkişlə düzəlmiş sazişdən yox, əlahəzrətlə düzəltmək istədiyimiz əlaqədən asılıdır. Mən oğlumun gələcəyini təmin etmək üçün sizinlə düzəltmək istədiyim əlaqəni Qızıl Arslanla düzəldə bilərəm. Əlahəzrət mənim özünə nisbət sevgi hisslərimə çox da arxalanmamalıdır, çünki sevginin özü müstəqil bir məqsəd deyil, ona istiqamət və möhkəmlik verə biləcək başqa-başqa səbəblər də vardır. Bu səbəblərin içərisində həyat şəraiti, istiqbalın təmini məsələləri, mərtəbə və inanmaq kimi əsas işlər də vardır. Əlahəzrət hazırda sevginin əsas və həqiqi bir mücəssəməsi olduğunu mənə inandıra bilsə, o yenə də tam deyildir. Çünki bizim söhbətimizin əsasını bir qadınla bir kişinin sevgisi deyil, bir məmləkətin və bir taxt-tacın məsələsi təşkil edir. Sultan Toğrul Qətibəyə qanaətverici bir cavab tapmaq uğrunda düşünür və çırpınırdı. Çünki Sultan Toğrul Qətibənin təkliflərinin heç birisini qəbul edə bilməyəcəkdi. O, öz oğlu Məlikşahı tac-taxtdan məhrum etməklə vəliəhdliyi Qətibənin oğlu Qütlüğə vermək istəmirdi. O, öz qadınını mələkəlikdən xaric edib Qətibəni mələkə elan etməyi də bacarmırdı. Qətibə isə ancaq bunların üzərində mübarizə aparırdı. Buna görə də Toğrul Qətibəni ələ almaq üçün başqa vasitələr axtarırdı, rübailər oxuyur və sevgi hisslərini elan edirdi. O yalvarır və deyirdi: – Gözəl, vəfalı mələkə! Mən sənin oğlunu vəliəhd elan edə bilərəm, buras xalqın arasında heç bir şübhəyə səbəb ola bilməz. Çünki sənin oğlun Qütlüğ, rəhmətlik qardaşımın vəliəhdi idi. Qətibə Toğrulun “rəhmətlik qardaşımın” sözünə güldü və: – Qardaşını Allahın rəhmətinə göndərdiyin üçün də onun oğlunu vəliəhd, qadınını isə mələkə elan etməlisən, – dedikdə Toğrul da cavabında: – Bütün çətinliklər də həmin mələkəliyin üzərindədir, – dedi. Qətibə buna acıqlı bir sual verdi: – Burada nə kimi bir çətinlik vardır? – Mən bu gün mələkəyə evlənərsəm, sabah düşmənlərim hər yerdə: “Qadınını almaq üçün qardaşını öldürdü” – deyə düşünəcəklər, məni bütün Şərq ölkələrində abırdan salacaqlar. O zaman Qızıl Arslan bizə nə deyər? Bizim evlənməyimizlə onun əlinə bəhanə düşməzmi? Qətibə kinayə ilə dedi: – Oğul öldürmək, qardaşın və atanın gözlərinə mil çəkdirmək, guya ki, hökmdarların arasında çox nadir baş verən işlərdən imiş! Sən mənə yaxşı bax, özün də yaxşı düşün, hazırda mənə baxmaqda olan şübhəli gözlərin mənə minnətdar deyildirmi? Mən olmasaydım, o gözlərə mil çəkilməyəcəkdimi? Sizin hökmdarlıq tarixiniz qanlı ləkələrdən ibarət deyilmi? Xalq çox söz deyə bilər, lakin əlahəzrət də öz mələkəsinin məsləhətini nəzərə almalıdır. Bu hökuməti əlahəzrətə mən vermişəm. Buna görə də mən deyən olmalıdır, mən taxta qoyduğum zatı taxtından düşürə də bilərəm. Əlahəzrət sabahdan etibarən öz ailəsini “Savə” şəhərindəki malikanəsinə köçürməlidir. Ailə köçəndən sonra, təzə ailə və təzə xanədan varisliyi məsələsini rəsmiyyətə salmalıdır. Toğrul Qətibənin sözünü yarıda kəsib dedi: – Mələkənin hazırkı taxt-tacda mühüm rol oynadığını inkar etmirəm. Lakin mələkə mənim müstəqil iş aparmağım üçün də imkan yaratmalıdır. Əcəba, mən öz vəzifəmi anlamıramnı? Mələkənin özü, Qızıl Arslanın və Azərbaycan xalqının mənə qarşı aldıqları düşmən vəziyyətdən xəbərdar deyildirmi? Mələkənin özü görür ki, bugünkü vəziyyətlə bəzi arzuları həyata keçirmək düşüncəsizlikdir. Bu təşəbbüsü həyata keçirmək düşmənin müdaxiləsini bir daha gücləndirə bilər. Hərgah azərbaycanlıların və Qızıl Arslanın təzyiqindən qurtarmaq üçün bu gün çarə tapa bilərsəm, biz sabah bu məsələni həyata keçirə bilərik. Məncə ailəni də buradan Savə şəhərinə köçürmək lazım deyil, bədbəxt ailəmin bu məsələyə mane ola biləcək qədər qüdrəti yoxdur. Bu məsələnin mühakiməsini mələkənin öz vicdanına tapşırıram. Qızıl Arslan bizim bu izdivacımıza soyuqqanlılıqla baxa bilərmi? Qətibə yenə də Toğrulun dediklərinə etiraz etdi: – Biz Qızıl Arslanı əmri-vaqe qarşısında qoyarıq. – İnana bilmirəm, – deyə Toğrul fikirli bir halda cavab verdi. – Onsuz da mənim mövqeyim möhkəm deyildir. – Qüvvətli bir ordu idarə edə bilməyən bir məmləkəti, düşüncəli və şüurlu bir baş daha yaxşı idarə edə bilər. Hazırda Qızıl Arslanı və Azərbaycan məmləkətini sıxışdırmaq üçün ən əlverişli bir zamandır. – Mələkənin dediyinə şərik deyiləm. Atabəy məmləkətləri bu gün olduğu kimi, heç bir zaman əmniyyət və asayiş içərisində olmamış. Nə daxildə üsyan var, nə də xaricdən hücum. Çünki qonşu hökumətlərin hamısı ilə dostluq müqavilosi bağlanıbdır. Vəziyyət hər tərəfdə Qızıl Arslanın lehinədir. Qətibə güldü: – Sülh və dostluq müqavilələri qəti müharibələr üçün vaxt qazanmaq məqsədini daşıyır. Sülh müqaviləsinə qol çəkən dövlət mənim birinci işarəmdə Qızıl Arslanın sərhədini keçəcəkdir. Mən bu günün özündə sərhədi açıb Xarəzm ordusunu məmləkətin daxilinə gətirə bilərəm. Mən istəsəm, iki həftədən sonra Bağdad ordusu yenə də Həmədan qapılarını döyə bilər. Mən istəsəm, şirvanlıları və Gürcüstanı Aran üstünə qaldıra bilərəm. Mən istədiyim zaman, Qızıl Arslan bütün Şimali Azərbaycanı, Rey, İraq və İranı itirə bilər. Bəhram şah Fars hüdudunu keçmək üçün əlverişli bir zaman axtarır. Əlahəzrət heç də düşünməsin. Mənim oğlumun başında olan ordu beş günün içərisində də Reydən hücum edib Qəzvin şəhərini işğal edər və Təbrizlə Həmədanın əlaqəsini kəsər. Bundan da əlverişli bir zaman ola bilərmi? – Şübhəsiz, lakin mələkənin bu dediklərini həyata keçirmək lazımdır. – Onların hamısı mənim öhdəmə. Hüsaməddinə Reydə ordu düzəltməyi tapşırmışam. O, buradan qayıdan kimi işə başlayacaqdır. Şirvanla, Bağdadla danışıq aparılmaqdadır. İndi qəlbiniz sakit oldumu? Toğrul uzun-uzadı söhbətlərdən sonra yenə də qəti bir söz deyə bilmədi. Lakin mələkəni acıqlandırmamaq üçün: – Mən bunların hamısından qəlbən razı qalıram – deyə saxta bir qətilik göstərdi. – Bu fikirlərin hamısı həyata keçəndən sonra, möhtərəm mələkə izdivaca riza verərsə, mənim heç də etirazım yoxdur. Mən mələkəyə qəti söz verirəm. – Bizim izdivacımızın şadlıq bayramı Qızıl Arslanın təziyəsi ilə bir gündə başlanmalıdır. * * * Nəsihət Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı. Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi. Azərbaycanlılar Toğrulun Qətibə ilə olan əlaqəsini və onların əcnəbi nümayəndələri kimi hökumət sürmələrini bildikləri üçün Qızıl Arslanın ətrafında sıx bir suratdə toplanmışdılar. Xüsusən Fəxrəddinin və Seyid Əlaəddinin Qızıl Arslanla sıx əlaqədar olmaları da azərbaycanlıları Toğrul əleyhinə qaldırmışdı. Bu səbəblərə görədir ki, Qətibənin oğlu Qütlüğün vəliəhd təyin edilmək arzuları ümidsizliyə düşür və onların əcnəbi hökumətlərin təsiri altına girməsinə səbəb olurdu. Hökumətin idarə işlərində böyük rol oynayan Şimali Azərbaycan ziyalıları Toğrulun dostluq məktublarına baxmayaraq yenə də məmləkətin nicatını Toğrulda deyil, Qızıl Arslanda aramağa başlamışdı. Buna görə gənc vəliəhdin Şimali Azərbaycan səyahətinə getmək xəbəri Şimali Azərbaycan şəhərlərində böyük bir şadlıqla qarşılandı. Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. Qətibə azərbaycanlıların qəti səsə malik olduğunu bilirdi, onların təzə vəliəhdi qüvvət və qılıncla müdafiə edə biləcəklərinə əmin idi. O, oğlunun vəliəhd olmaq arzularına ancaq satılmaq və məmləkətin bir parçasını satmaqla nail olmağı düşünürdü. Eyni bir parçasını satmaqla nail olmağı düşünürdü. Eyni zamanda Toğrul da Əbubəkrin vəliəhd təyin olunduğunu eşidərkən öz vəliəhdi Məlikşahın gələcəyi haqqında qorxuya düşmüşdü. Həmədan ilə Bağdad, Həmədan ilə İran, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. Toğrul oğlunun vəliəhd təyin olunması üçün güzəştə getdiyi kimi, eyni zamanda Qətibə də özünün mələkə və oğlunun vəliəhd təyin olunmasına müqabil məmləkətin qoşunlarına vədələr verir və sazişlər düzəldirdi. Qətibənin bir ayağı Bağdadda, o biri ayağı Həmədanda idi. Bağdad xəlifəsi Qızıl Arslanın təyin etdiyi vəliəhdi tanımayacağı barəsində Qətibəyə ciddi söz vermişdi. Qızıl Arslanın bağladığı müqavilələri pozmaq və məmləkətlərdən silinmiş xəlifə nüfuzunu yenidən bərpa etmək üçün Toğrul ilə Qətibənin yaratdığı macəralar olduqca mənfəətli və əlverişli idi. Xəlifə yenə də Atabəylər məmləkətində vətəndaş hərbi yaratmaq fikrini daşıyırdı. Belə bir qarışıq zamanda Qızıl Arslan özünü itirməyərək birinci növbədə Azərbaycanı bu hadisə ətrafında səfərbər etməyi düşünürdü. Çünki vəziyyətin altından çıxmaq üçün silahlı qüvvə iş görəcəkdi. Bu qüvvə isə, yalnız Azərbaycanda mövcud idi. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. Gənc vəliəhd Araz çayı kənarından Gəncəyə qədər yazdığı xatiratında qeyd edirdi: “İnsan, ancaq burada, öz doğma vətənində yaşadığını hiss edir. Xalq bir dil, bir arzu daşıyan xalqdır. Kəndlilərindən başlayaraq ziyalılarına qədər bir söz deyir: “Azərbaycanın istiqlaliyyət məsələsi həyat məsələmizdir”. Xalq düşüncəli və şüurludur. Düşməninə qarşı kinli, inadlı, dostlarına qarşı olduqca mehriban və səmimidirlər. Xalqın əksəriyyəti əkinçidir, zəhmət sevən xalqdır. Şimali Azərbaycanda təsirləndiyim əsas cəhətlərdən birisi də xalqın daima hər ehtimala qarşı hazır olmasından ibarətdir. Düzlərdə, tarlalarda əkinçilik işi ilə məşğul olan hər bir kəndlinin atı yəhərli bir halda tarlanın kənarındakı ağaca bağlanıb durmuşdur. Axşamları əkinçilərin tarladan qayıtdığını gördüyüm zaman atlı qoşun dəstələrinin müharibədən qayıtdığını hiss edirdim. Ox, kaman, qılınc və nizələr işlətməkdə sənətkar olan bu xalq, əkin və torpaq işlərində də sənətkardır. Tarlaları, bağ-bağçaları məmləkətin başqa tərəflərinə nisbət olduqca müntəzəm və səfalıdır. Diqqət-nəzərimi cəlb edən cəhətlərdən birisi də məmləkətdə mövcud olan ziyalı adamlardır. Bunların nə kimi bir şəraitdə yaradıldığını təyin etmək üzərində dərindən düşünmək lazımdır. Mən, Araz çayından Gəncə şəhərinə girincəyə qədər ehsanımı vermək üçün bir nəfər də olsa dilənçi görmədim. Xalq acgöz xalq deyil, hamısından bir qürur və bir əzəmət gördüm. Bu xalqın məhəbbətini qazandığımız bizim üçün böyük bir qələbədir”. Vəliəhd Gəncəyə gəldiyinin ikinci günü Qızıl Arslanın verdiyi məktubu da götürüb böyük şair Nizaminin ziyarətinə getdi. Gənc vəliəhd şairin şeirlər və elmlər xəzinəsindən ibarət palçıqla suvanmış otağına girdiyi zaman bir an fikrə getdi və dərhal şairin: “Dəfinələr, xərabələrdə yaşamalıdır!” – dediyini xatırladı və başını əyib böyük şairin əlindən öpərkən, şair də onun alnından öpərək öz yanında əyləşdirdi. Vəliəhdi qonaqlamaq üçün evdə olan yeməklər aralığa gətirildi. Vəliəhd şairlə bir süfrəyə oturub nahar yeməyini yedi. O öz xatiratında bu süfrəni təsvir etdiyi zaman yazırdı: “Bu süfrənin əsas qiyməti orasında idi ki, vəliəhdin qonaq edilməsi üçün fövqəladə heç bir şey yox idi. Mən şairin evinə xəbər vermədən getmişdim, çünki ona izafi xərc vermək istəməmişdim. Əsas fikrim ona izafi xərc vermək istəməmişdim. Əsas fikrim onun həyat və məişətilə tanış olmaq idi. Buna görə də həm qəfildən, həm də nahar vaxtı onun ziyarətinə getdim. Bu süfrədən mənə nəsib olun qismət heç bir məmləkətin vəliəhdinə qismət ola bilməmişdir. Böyük şair iki vəliəhdi yedirdi. O məni oğlu Məhəmmədlə tanış etdiyi zaman dedi: – Dünya belədir, bu səadət ancaq mənə nəsib oldu, böyük bir məmləkətin vəliəhdi, yoxsul bir şairin vəliəhdi ilə bərabər yoxsul və həqir bir süfrənin ətrafında oturub nahar yeməyi yeyir. Çörəyin arpa ilə qarışıq buğda çörəyi olduğunu hiss etdim, lakin olduqca ləzzətli idi. Mən indiyə qədər o ləzzətdə çörək yediyimi xatırlaya bilmirəm. Toyuq bişirilmişdi. Toyuğu özü parçalayıb bir qılçasını mənim yanıma, bir qılçasını oğlu Məhəmmədin yanına qoydu. Hər şeydən artıq reyhan toxumu tökülmüş sərin şərbətini xoşladım”. Nahar yeməyi bitəndən sonra Nizami Qızıl Arslan tərəfindən vəliəhd vasitəsilə göndərilən məktubu açıb oxumağa başladı: “Möhtərəm şair! Məmləkətin hüdudlarından gələn xəbərləri eşitdiyim zaman hər dəfə sizin mənə Təbrizdə dediyiniz sözləri xatırlayıram: sülh müqavilələrinin gücü qılıncların itilənməsi qurtarana qədərdir. Hazırda bizim Bağdad xəlifəsi və Xarəzmşahlarla bağladığımız sülh müqavilələrinin mürəkkəbi qurumayıbdır. Görünür ki, möhtərəm şair qeyd etdiyi kimi, onların hər ikisi qılınclarını itiləyib qurtarıblar. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qınından çıxarmaq istəyirlər. Düşmənin bu cəsarəti məni heç də əsəbiləşdirə bilməz. Çünki onlar bu məmləkətin düşmənidir. Onlar müqavilələrə əməl etməməyə haqlıdırlar. Onlar bu müqavilələri bir məcburiyyət təsirində imza etdikləri üçün, fürsətələ keçdiyi zaman poza da bilərlər. Burası o qədər də təəccüblü deyildir. Mənim əsəbiləşməyimə səbəb olan əsas cəhət Toğrulun hərəkətləridir. Toğrul öz istiqlaliyyətini əcnəbi himayəsinin əsasında qurmaq istəyir. O, heç bir vaxt əcnəbi himayəsində qazanılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır. Onun böyük səhvi burasındadır ki, özünü himayə edən xalqın qüvvəsinə inanmaq istəmir. O, qazanmaq istədiyi istiqlalın əbədi əsirlik olduğunu anlamır. Şairin başına and içirəm, heç vaxt onun çıxardığı ixtilaf məni qorxutmur. Mən qonşularla bağladığım sülh müqavilənamələrini qoynuma qoysam da, qılıncımı qınına qoymamışam. Lakin müharibələr xalqın iqtisadi vəziyyətinə ölüm zərbəsi vura bilər. Məni qorxudan da budur. Şairlə birlikdə keçirdiyimiz günlər Azərbaycanda mövcud olan yüksək mədəniyyəti təhkim üçün tədbirlər düşünürdük. Lakin Toğrulun məmləkətimizə qarşı hazırladığı təzə təhlükə xalqın iqtisadi vəziyyətinə və mədəniyyətin genişlənməsi vasitələrinə fəna təsir edə bilər. Uca mədəniyyət yüksək iqtisaddan asılıdır. Məmləkətin bir neçə yerə bölünmək təhlükəsi vardır. Yenə də xalqı torpağından, tarlasından, kəsbkarından ayırmaq lazım gələcəkdir. Lakin Toğrul, eləcə də onun həmfikri olan Qətibə başladıqları bu qanlı oyunlardan heç bir şey qazana bilməyəcəklər. Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim zaman, Qətibəni də oğlunun yanına, Rey şəhərinə göndərmişdim. Hüsaməddin bir məmləkət xaini kimi qılıncımın altından qaçıb Xarəzmşahlara sığınmışdı. Toğrul onu Həmədana çağırmış və böyük bir vəkalətlə Qətibəni Həmədana gətirmək üçün Rey şəhərinə göndərmişdir. Hazırda Qətibə Həmədandadır. Hüsaməddin Toğrulun tapşırığı ilə Rey tərəflərində Azərbaycana qarşı qüvvətli bir ordu düzəldir. Onların əsas məqsədi, Həmədan ilə Azərbaycan tərəflərini bitişdirən nöqtələri, xüsusi olaraq Qəzvin şəhəri və dairəsini işğal etməkdir. Toğrul, xəlifənin fikrini bilmək məqsədi ilə Qətibəni iki dəfə xəlifənin yanına göndərmiş. Heç şübhə yoxdur ki, xəlifə bu fikirləri təbrik edəcəkdir. Çünki, Qətibə ilə Toğrulun oynadıqları bu oyunlar xəlifə ilə bizim aramızda bağlanmış Bağdad müqaviləsini alt-üst edəcəkdir. Bu hadisələr, qalib gəldiyim zaman bizim tərəfimizdən məğlub edilmiş xəlifə nüfuzunu bərpa edə biləcəkdir. Möhtərəm şair, bizə qarşı düzələn ittifaq olduqca böyükdür. Buna qarşı böyük hazırlıq lazımdır. Vəliəhdi bunun üçün də Azərbaycana göndərdim. Sizinlə görüşmək üçün ona xüsusi tapşırıqlar vermişəm. O gəncdir. Lakin şüurlu və fərasətlidir. Onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Zənn edirəm, o, özünə verilən vəliəhdlik şərafini mənimsəmişdir. O bu mövqeyə olduqca səlahiyyətlidir. Hökumət idarəçiliyi nöqteyi-nəzərindən ağıllı və dəyərli fikirləri vardır. Azərbaycan xalqı arasında bu gəncin nüfuzunu müdafiə etmək lazımdır. Çünki nə Toğrulun oğlu Məlikşah, nə də Qətibənin oğlu Qütlüğ vəliəhdlik məqamına layiq deyillər. Zənn edirəm ki, bu qədər kifayətdir. Bununla mənim məqsədimi təyin edə bilərsiniz. Məmləkəti təhlükədən qurtarmaq lazımdır. Rica edirəm gənc vəliəhddən məhəbbət və məsləhətinizi əsirgəməyin. Xüsusən o, böyük şairin yaradıcılığı ilə həddindən artıq maraqlanır. Son ricam budur ki, Toğrula qarşı başladığım hazırlığın əsas məzmununu Azərbaycan xalqı arasında intişar etdirəsiniz. Qoy Azərbaycan xalqı elə bilməsin ki, Qızıl Arslan bu mübarizədə Toğrulun taxt-tacını əlindən almağa çalışır. Mən məsuliyyəti öz üzərimdən götürmək üçün, Qətibə Reydə olduğu zaman ona bir məktub da göndərib nəsihət etdim. Lakin onlar mənim məktubuma cavab vermədilər, çünki onlar başladıqları mübarizədə qələbəni təmin olunmuş hesab edirdilər. Hazırda Toğrulun özünə də bir xəbərdarlıq məktubu göndərirəm. Lakin fayda verməyəcəyinə əminəm”. Nizami məktubu oxuyub bitirəndən sonra bir az fikrə getdi, vəliəhdin özü də sakit-sakit düşünürdü. O, Nizaminin məktubdan nə kimi bir təsir aldığı və nə cavab verəcəyi ilə maraqlandı. Nəhayət, Nizami başına hərəkət verib: – Eləndir, vəziyyət qorxuludur, – dedi. – Mən hökmdarla Təbrizdə danışdığım zaman bugünkü vəziyyətlər haqqında demişdim. Məmləkət cürbəcür xalqlar və müxtəlif millətlərdən təşkil edilmişdir. Atabəy məmləkətlərində yaşayan türk olmayan bir çox millətlər vardır ki, onlar dünənə qədər bu məmləkətdə hakim sayılırdılar. Hazırda onların özlərini yerli türklərlə bərabər bir hüquqda görə bilmələri olduqca çətindir. Buna görə də Atabəylər dövləti onlarla çox ehtiyatlı bir surətdə yola getməli idi, onların milli adət və milli ənənələri daxilində olmaq şərti ilə azadlıqlarını təmin etməli idi. Çünki məmləkət daxilində yaşayan narazılar, sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir. Lakin, buna baxmayaraq, onların ittifaqını pozmaq lazımdır. Bu da üç yol ilə mümkündür. Birinci, xaricdəkiləri döymək, ikincisi, daxildəkilərə azad yaşayış verməklə barışmaq, üçüncüsü isə, inad göstərənləri cəzalandırmaq və məmləkətdən sürgün etməkdən ibarətdir. Biz azərbaycanlılar birinci məsələdə sizin hökumətinizə kömək verə bilərik. Azərbaycan xalqı heç bir vaxt xaricdən gələn hücumlara arxa çevirməmiş, yenə də çevirməyəcəkdir. Lazım olursa, silahla tanış olmayan adamlarımız da silahla oynaya bilər. Nizami vəliəhdə bu sözləri dedikdən sonra bu şeri oxudu: “Çü başəd növbəti şəmşir bazi Xətibanra dəhəd şəmşir qazi”. – Əlbəttə, yatmaq lazım deyil, madam ki, iş başındasan və öhdənə böyük bir vəzifə götürmüsən, onu yerinə yetirməlisən. Düşmən pusquda durduğu halda, sərxoşlara məxsus yuxunu atmaq lazımdır. Özünə iş tapşırılmış adamların yatması xəyanətdir. Çünki iş tapşıranlar padşahın yatmadığına inanıb yatmışlar. Kədərləri və qəmləri ayağın altına alıb yüksəlməli və oradan gələcəyə baxmalısan. Özünü heç bir zaman qüvvətli hesab etmə, çünki sən hələlik düşmənin qüvvətini bilmirsən. Şərəf və əzəmət sənin mərtəbəndə deyil. Bununla səni heç bir kəs tanımaz. Ağlın olmazsa, kim səni tanıya bilər? Bir çox hökmdarlar vardır ki, onlar məmləkətin düşmənləri ilə mübarizə aparırlar, lakin ağlın düşməni ilə dostluq edirlər. Ağlın düşməni şərabdır. Doğrudur, şərab dünyanın dərdini, qəmini aparır, eyni zamanda dünyanın özünü də insanın əlindən ala bilər. Ağıllı adamlar öz libasını günəşin təştində yaxalamalıdır. Dünyada kişi üçün ən həqiqi libas doğruluqdan ibarətdir. İnsanın, tərəzinin gözləri kimi bərabər və düz olması kifayət deyil, qəlbin doğruluğunu təraziyə qoymaq lazımdır. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. Köhnəlmiş ağacın başını vurmasan, təzə göyərən gənc ağaclara böyümək imkanı verməz. Çeşmələrin keçdiyi yolları təmizlənməzsə, torpağın bəbəyindən sərin sular doğa bilməz. Buna görə də məmləkətin təzəliyinə mane olan köhnə fikirləri silmək lazımdır. Qılıncın iti olmalıdır, lakin ehsan verdiyin dirhəmlərin şəfəqi qılınclarin şəfəqindən də parlaq olmalıdır. Hökmdarın vücudu, təbilin içərisi kimi eyiblərdən boş olmalıdır. Padşah düşməni aciz saymadığı kimi, arslan ürəkli olub mətbəx pişiyindən qorxmamalıdır. Hökmdar təlq daşı kimi cəhənnəm oduna təslim olmamalıdır. Hökmdar tənbəl və zəif olmamalıdır. Hökmdar mərtəbə və üstünlüyü şəxsən özü üçün yox, xalqı üçün qazanmalıdır. Dünyanı məzəmmət etməyə haqqımız yoxdur, onu hər kəs öz şəxsi mənfəəti üçün istifadə etdi. Dünya heç bir kəsə yamanlıq etməz. Lakin bizim özümüz onu əyri yollara tərəf dartıb aparırıq. Firuzə rəngli günbədin altı nə qədər geniş olursa olsun, geniş fikirləri inkişaf etdirmək üçün orası yenə də darısqaldır. Hökmdar o qədər həssas və ayıq olmalıdır ki, insanların vəfalı olub-olmamasını palçığının qoxusundan anlamalıdır. Padşah mərifəti adamlardan, adamları isə dünyadan ayırmağa imkan verməməlidir. Nizami danışdıqca vəliəhdin katibi də yazırdı. Nəsihətlər bitəndən sonra, gənc vəliəhd şairin əlini öpdü və dedi: – Mənim daha böyük bir arzum vardır. Möhtərəm şair məsləhət görürsə, mənim üçün İskəndərnamə dastanını yazsın. Çünki İskəndərin tarixində xalqların qəhrəmanlığını göstərmək üçün daha böyük imkanlar vardır. Orada möhtərəm şair xalqları bir daha ayağa qaldırıb həyat mübarizəsi cəbhəsinə ata bilər. Biz Təbrizdə möhtərəm şairin Xosrov və Şirin dastanını nəzmə çəkdiyini eşitdiyimiz zaman həddindən artıq şadlandıq. Hazırda xalqımızın bu kimi ədəbiyyata olan ehtiyacı çörək və su qədər əhəmiyyətlidir. Xalqımızı məzhəb və təriqət mübahisələrindən ayırmaq üçün bu kimi əsərlərin də böyük təsiri ola bilər. Çünki xalqın arasında məşğuledici ədəbiyyat yoxdur. Çünki xalqın arasında məşğuledici ədəbiyyat yoxdur. Onlar işsiz vaxtlarını məzhəb və təriqət mübahisələrinə və müridbazlığa sərf edirlər. Sizin yazacağınız dastanlardan isə xalqımız həm bədii zövq alar, həm də xalqların qəhrəmanlıq tarixini öyrənər. Böyük şair Nizami vəliəhdin sözlərini eşidəndən sonra onun ağıllı və dərin fikirli bir gənc olduğunu bir daha təsdiq edərək: – Fikrin doğru fikirdir, – vəliəhdin alnından öpərək dedi – xalqımızın şüurunu yalnız məzhəb və təriqət mübahisələri ilə deyil, xalqların həyat və siyasət tarixini təhrif edib əfsanə şəklinə salmaq vasitəsi ilə də korlamışlar. Mən Tusun böyük şairi ustad Əbdülqasıma həddindən artıq hörmət bəsləyirəm, lakin o, özünün böyük əsərində nə qədər dərin bir sənətkarlıq göstərmişsə də, xalqların tarixini gələcək xalqın nəzərinə çatdırmaq işində böyük səhvlər buraxmışdır. O, tarix və tarixçilərin qəbul edə bilməyəcəyi hər nə əfsanə və əsatir varsa, öz əsərində yer vermişdir. Lakin Tus şairi Firdovsidən sonra tarixi dastan yazanlar bu yolu davam etdirməməlidir. Tarix əsəri yazan şair heç bir zaman şüurun qəbul etməyəcəyi məsələlərə imkan verməməlidir. Məsələn, peyğəmbərin merac məsələlərini mənzumə şəklində vermək istəyən bir çox şairlər də bu məsələni bir nəfər din alimi kimi məna etmişdir. Onlar, fikri meracla cismani meracın fərqini qoya bilmədiklərindən şair olduqlarına baxmayıb sadə bir molla qədər də irəliyə gedə bilməmişlər. Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmiş, hər şey şübhələrin paltarına bürünmüşdür. İskəndərin həyat çeşməsi axtarmaq üçün zülmətə getdiyini lazımı qədər məna edə bilməyənlər, əfsanəçiliyin çuxurlarında batıb qalmışlar. İskəndər zülmətin içərisində itib-batmış, həqiqi həyatın yollarını aramış və tarixə əbədi yaşayış imkanı qazandırmaq üçün çalışıb-çapalamış, eyni zamanda buna nail ola bilməmişsə, buna inanmaq o qədər də çətin deyildir. Buna görə də gənc vəliəhd üçün yazacağım dastanda İskəndərə əbədi həyat suyunu içirəcəyəm. Mən İskəndərə əbədi yaşamaq üçün başqa bir yol göstərəcəyəm. Çünki insanları tarix, tarixi isə həyata təslim olmayan sağlam fikirli tarixçilər, yazıçılar və şairlər yaşatmalıdır. Möhtərəm əminizin yazdığı məktubun cavabına gələndə, ona cavab yazacağam. Hələlik bunu deməliyəm ki, Azərbaycan xalqı öz milli hüdudlarının müdafiə olunması üçün hər bir fədakarlığa hazırdır. Qızıl Arslan buna əmin ola bilər. * * * Dörd məktub Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu. Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi. Fəxrəddin cənuba baxan artırmada oturub Əbu-Dəccanə minarəsi başında yanan fənərin sısqa işıqlarına baxıb düşünürdü. Vəziyyət olduqca ağır idi. Bir tərəfdən Qızıl Arslan “Paytaxtı buraxmamalısan, qoşununun məsarifi Toğrul tərəfindən verilməzsə, Təbrizdən göndəriləcəkdir. İşsizliyi təhqir hesab etmə! Bu işsizlik böyük bir işin zəminəsini qoyur”, – deyərək yazdırdı. Lakin Həmədanda oturmaq və Toğrul tərəfindən göstəriləcək etinasızlığa təhəmmül etmək də mümkün deyildi. Hələ Qətibə xatun Həmədana gələndən sonra Toğrulun Fəxrəddinlə olan əlaqəsi tamamilə dəyişmiş və dözülməz bir şəkil almışdı. Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. O, Fəxrəddindən atasının qanını tələb etməyə hazırlaşdırdı. Fəxrəddinin əldə etdiyi gizlin xəbərlərə görə Toğrulun özü də Qətibə xatunun bu fikrinə razılıq vermişdir. Lakin bu xəyanəti həyata keçirmək işini İraq qoşunun paytaxta gəlməsi və Azərbaycan qoşununun tərk-silah edilməsinə qədər təxirə salmışdılar. Fəxrəddin bu təhlükənin yaxınlaşdığını hiss edirdi. Çünki paytaxtın özündə də iraqlı və iranlılardan düzələn ordunun miqdarı, Azərbaycan qoşun dəstələrinin miqdarını keçirdi. Fəxrəddin artırmadakı bağlamaya söykənib vəziyyəti düşündüyü zaman qəlbində deyirdi: “Toğrul və Qətibə məni bir girov kimi burada saxlayırlar, onlar məni müəyyən bir məqsəd üçün saxlanmış qurban kimi bəsləyirlər. Mən bir qəhrəman olduğum halda alçaq bir qadının intiqam duyğuları qarşısında durub, bıçaq intizarında duran qoyun kimi gözlərimi döyürəm. Gözəl bir məqsəd uğrunda ölmək o qədər də qorxulu deyil; lakin bu ölüm şərəfsizlik və acizlikdir. Sabahdan etibarən Qızıl Arslana məktub göndərib vəzifəmdən boyun qaçıracağam. Mən, Toğrul kimi sərxoşların, Qətibə kimi əxlaqsızların əlindən ölmək şərəfsizliyini qəbul etməyəcəyəm”. Xidmətçilər gəlib şam yeməyi süfrəsini döşədilər, amma Fəxrəddinin yeməyə meyli yox idi. Lakin Seyid Əlaəddinin gəlməsi, onun qəlbində olan kədərləri dağıtdı, şam yeməyinə başladılar. Bir o qədər keçməmişdi, xidmətçi gəlib bir dilənçinin qapıda durduğunu xəbər verdi, Fəxrəddin: – Hər nə istəyirsə verib razı salın, – dedikdə xidmətçi: – Hər şeyi verdik, lakin o sizin özünüzü görmək istəyir, – dedi. Fəxrəddin çox təəccüblə: – Qadındırmı? – deyə soruşdu. Əlaəddin isə: – Bu dilənçi haman haramzadə Səba xanım olmasınmı? – deyərək Fəxrəddinə müraciət etdi. – Səba xanım olsaydı, nə dərdim var idi, onu bu saatla məhv edərdim, – deyərək xidmətçiyə əmr verdi: – Buraxın gəlsin! Dilənçi içəri girib baş endirdi və çöhrəsini açıb bir Fəxrəddinə, bir də Əlaəddinə baxmağa başladı. Çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. Fəxrəddin ona bir an dərin nəzərlər atdı, gözəl dilənçinin çöhrəsi tanış çöhrə idi. O, dilənçini tanıyırdı, lakin onu harada gördüyünü təyin edə bilmirdi. Qadının çöhrəsi yorğun olduğu kimi, Fəxrəddin də fikrən və ruhən yorğun idi. Zaman hadisələri və özünün düşdüyü çıxılmaz vəziyyət onu yormuşdu. Dilənçi qəhrəman Fəxrəddinin çətinlik çəkdiyini görünçə çarşabını ataraq danışdı: – Mənim möhtərəm ağam, sənin hüzurunda duran Əfifədir. Məgər öz səmimi cariyəni tanımırsanmı? Fəxrəddin Əfifənin səsini eşidən kimi nəzərində Bağdad bir daha cilvələndi. Dürrətülbağdadın eyvanında verilən nahar ziyafətini xatırladı, sanki yenə də Əfifə ağ ipək dona bürünüb Fəxrəddinin yanında durmuşdu. Əfifə onun tərini silmək üçün yelpik çəkirdi. Fəxrəddin bu fikrin içəisində üzdüyü zaman, sanki yenə də tovuz qanadından toxunmuş yelpiyin sərinliyi onun alnına toxunurdu. Fəxrəddin Əfifəni bu vəziyyətdə görürkən dəli bir hərəkətlə yerindən qalxdı və: – Söylə Əfifə, bu nə qəmgin bir vəziyyətdir? Dürrənin başına bir fələkətmi gəldi? – deyə qışqırmaq istərkən Əfifə əli ilə işarə edib: – Oturun, mənim ağam, – yavaşdan dedi. – Xanımın başına heç bir fələkət gəlməmişdir. Xanım yazdığı mühüm və gizli məktubu sizə yetirmək üçün mənim bu vəziyyətə düşməyim tələb olunurdu. Əfifə bu sözdən sonra məktubu çıxarıb Fəxrəddinə uzatdı. Fəxrəddin isə xidmətçiləri və cariyələri çağırıb əmr verdi: – Təzə qonağı çimdirin və rahətliyini təmin edin, dedi və məktubu açıb oxudu: “Mənim ruhumun yarısı, mənim son ümidim Fəxrəddin! Bu gün xəlifə Müstərşidbillahın qızının vasitəsilə aldığım bir xəbər məni həddindən artıq rahatsız etdi. Bu xəbəri sənə yetirmək üçün Əfifəni göndərməkdən başqa bir çarə tapa bilmədim. Bu sirri başqalarına etibar edə bilməzdim. Qətibə xatun neçə gündən bəri Bağdaddadır. Öz babasının ailəsində mənzil etmişdir. Böyük nənəsinə bərabər iki dəfə xəlifə Nəsirəddinbillahın hüzuruna qəbul edilmişlər. Mən Qətibənin sənə düşmən olduğunu bilirdim. Bundan əlavə, sənin vətənin olan Azərbaycan əleyhinə düzələcək hər bir sui-qəsdi sənin həyatına düzələn bir sui-qəsd kimi hesab edirəm. Mən Qətibənin Bağdada nə üçün gəldiyini öyrənməyə çalışırdım. Bu gəlişin məqsədi olduqca gizlində saxlanırdı. Lakin xəlifənin qızı Alieyi-Ülya Qətibənin Bağdada nə üçün gəldiyini gizlincə xəbər verdi və hər yol ilə olursa olsun, bu xəbərin sənə yetirilməsini tapşırdı. O qız olduqca mehriban və məhəbbətli qızdır, sizin qəhrəmanlığınızın səmimi aşiqlərindəndir. O heç bir vaxt sənin məhv olmağını istəmir. Səni öldürmək üçün burada hazırlıq aparılır. Qətibə yenə də Səba xanımı Bağdada çağırıbdır, cinayət onun vasitəsilə həyata keçiriləcəkdir. Fəxrəddin! Rica edirəm Həmədanda oturma, çıxıb Azərbaycana get. Anan yazıqdır, o hələ indi də Sədrəddin üçün ağlayır. Qoy sənin müsibətin də o müsibətin üstünə əlavə edilməsin. Mənə də rəhmin gəlsin, sizdən başqa ümidim yoxdur. Başına bir fələkət gəlirsə, mənim üçün də, anan üçün də intihardır. Sən bilirsən ki, dünyanı şadlandıran Bağdad məni ağladır. Eyşişrət şəhərində unudulmaz bir matəmin ağırlığını çəkirəm. Sən bilirsən ki, şirinliklərlə dolu olan piyalələrdən zəhərlər içməkdəyəm. Cənnət içərisində cəhənnəm əzabı çəkirəm. İqbal məni cəzalandırdı. Sənin başına gələn fələkət bu cəzanı bir daha artıra bilər. Sənə yalvarıram, Fəxrəddin, məktubu alan kimi çıxıb Azərbaycana get! Bağdad – Dürrə”. Məktub oxunub qurtarandan bir az sonra, Əfifə libaslarını dəyişib artırmaya çıxdı. Fəxrəddin onu şam süfrəsinə əyləşdirdi. Şam yeməyi bitəndən sonra Dürrətülbağdadın yazdığı məktubu təcili qasid vasitəsilə Təbrizə, Qızıl Arslana göndərdilər. * * * Əfifə iki həftədən bəri Həmədanda yaşayırdı. Fəxrəddin Qızıl Arslana göndərdiyi qasidin qayıtması və Qızıl Arslanın nə kimi cavab göndərdiyini gözləyirdi. Qızıl Arslan göndərdiyi cavabında yazırdı: “Toğrul və Qətibənin macəraları davam etdiyi müddətdə, siz də Bağdad ilə Həmədan və Həmədanla Rey və Mərv şəhərləri arasında gizlin bir cəmiyyətin işini təşkil etməlisiniz. Bağdaddan Toğrula, Toğruldan isə Bağdada göndərilən qasidlərin hamısını yollarda tutub apardıqları məktubları almalısınız. Həmədanla Xarəzmşahlar arasında gedən danışıqları öyrənmək üçün qasidləri əldə etmək lazımdır. Hər nə qiymətə olursa olsun, Həmədan şəhərini öz adamlarınızla nəzarət altına alın. Gələcək mübarizələrdəki qələbə düşməni lazımınca öyrənməkdən asılıdır”. Əlaəddinlə bərabər gedən adamlar Bağdada böyük dəstə ilə deyil, iki-iki, üç-üç getməli idi. Fəxrəddin Əlaəddini yolu saldığı zaman: – Mənim Qatibədən heç bir qorxum yoxdur. Lakin sizi Əbül Ülanın sabiq cariyəsi Səba xanım çox asanlıqla ifşa edə bilər. Buna görə də birinci növbədə hər nə yol ilə olursa olsun o haramzadəni məhv etdirməlisən. Onun bizə vurduğu zərbələr hər bir zərbədən ağırdır. O çox alçaqdır, həm də gözəldir və aldadıcı dili vardır. Bu barədə adamlarına ehtiyatlı olmalarını tapşırmalısan, onlar özlərini ifşa edə bilərlər. Mənim xidmətçim Əsədi yanınca götür, o, Səba xanımı çox yaxşı tanıyır. Səbanı aradan qaldırmayınca Bağdadda işə başlamağınız olduqca qorxuludur; o qadın çox şeytandır! * * * ...Bir həftədən bəri Seyid Əlaəddinin adamları xəlifə Müstərşidbillahın sarayı qarşısında gəzib saraya girənləri və saraydan çıxanları öyrənirdilər. Səkkizinci gün saray qapısından başına qara ipək əba salmış bir qadın dişarı çıxdı. Qadın qapıdan çıxdığı və cariyələr ilə vidalaşdığı zaman Fəxrəddinin xidmətçisi Əsəd qadının Səba xanım olduğunu dərhal hiss etdi və kənarda dayanmış Əfifəyə tez işarə verdi: – Özüdür, Səba xanımdır! – dedi. Əfifə, Səba xanımı çox ehtiyatla təqib edirdi. Əfifə Səba xanıma ancaq Dəclə çayının kənarında yetişə bildi. Səba xanım durub yelkən gözləyirdi. Əfifə onun hara getmək istədiyindən xəbərdar deyildi. Nəhayət, yelkənlərdən birisi sahilə yaxınlaşdığı zaman Səba xanım yelkənçiyə yanaşaraq: – Məni əcnəbi məmləkətlərindən gələn tacirlərin alver etdiyi bazar tərəfinə apara bilərsənmi? – deyə sual verdi. Yelkənçi isə bir az düşünərək: – Bazarlar şəhərin qərb tərəfindədir. Onların hamısında da əcnəbi tacirləri alış-veriş edir. Bizim möhtərəm xanım hansı bazara getmək istəyir? Səba xanım yelkənçiyə cavab verə bilməyərək dilini çeynəməyə başlarkən Əfifə dərhal söhbətə müdaxilə edərək soruşdu: – Möhtərəm xanımımız nə almaq istədiyini buyursaydı, o zaman hansı bazara getmək istədiyini təyin etmək mümkün idi. Səba xanım bu sözdən sonra tələsik: – Zinət şeyləri satılan bazara, inci, mərcan gətirən tacirlərin alış-veriş etdiyi bazara getmək istəyirəm, – dedi. – Demək ki, möhtərəm xanımımız Ədən və Nəcd tərəflərindən gələn tacirlərin bazarına getmək istəyir. Elə isə mənim özüm də o tərəflərə gedirəm. Xanım şəhərin qərb tərəfinə doğru Kerx məhəlləsinə getməlidir. Səba xanım Əfifəyə mehribancasına bir razılıq verdi, əlindən tutub yelkənə çıxardı və şəhərin qərb tərəfinə yol başladılar. Səba xanım qadınla olan bu tanışlığından sevinirdi. Çünki Əfifə həm ərəb, həm də fars və türk dillərində danışa bilirdi. Buna görə də Əfifə Səba xanım düşündüyü alverdə ona böyük yardım göstərə bilərdi. Çünki inci və mərcan satan tacirlərlə bazarlıq etmək üçün uzun dəqiqələr çənə vurmaq lazım idi, Səba xanım isə ərəbcə danışa bilmirdi. Yelkəndə getdikləri zaman Səba xanım Əfifəni özünün daşıdığı məqsədlə tanış edib-etməmək üstündə düşünürdü. O, bu söhbət üçün bir giriş axtarırdı. Eyni zamanda düşündüyü məqsədindən əldə edə biləcəyi qazancdan bir pay da Əfifə verməyi qərarlaşdırırdı. Səba xanımın bu səfərdən gözlədiyi qazanc az qazanc deyildi. Qətibə xatun Toğrula ərə getməyə hazırlaşırdı. Onun üçün bir məmləkətin mələkəsinə layiq incilər, mərcanlar və qiymətli daşlar lazım idi. O, Toğrulun yanına birinci dəfə girdiyi zaman şahanə bir təntənə ilə girməyə hazırlanırdı. Buna görə də Bağdada özə ilə bərabər bir çox qızıl və gümüş gətirmişdi. Səba xanım Qətibənin inci, mərcan və daş-qaşla maraqlandığını hiss etdiyindən vaxt ikən tacirlərlə görüşüb razılaşmaq və anlaşmaq istəyirdi. O, bu alış-verişdə həm tacirlərdən, həm də Qatibənin özündən faiz almağı düşünürdü. Bu məqsədləri həyata keçirmək üçün birinci növbədə həm ərəb dilini, həm də tacir dilini bilmək lazım idi. Səba xanım Əfifəyə sual verdi: – Möhtərəm xanım buradan hara getmək istəyir? – Mən Kerx məhəlləsinə gedirəm. – Siz inci və mərcan satılan bazara gedəcəksinizmi? – Siz ora getmək istəyirsinizmi? – Bəli, mən inci və mərcan bazarına gedib qiymətləri öyrənməliyəm. – Nə eybi vardır? Hərgah möhtərəm xanım üçün belə bir xidmət lazımsa, mən haman bazarı və haman tacirləri göstərə bilərəm. – Çox razıyam, zəhmət haqqınız mənim yanımda itməz. – Zəhmət haqqı olmasa da mən bu vəzifəni bitirə bilərəm. Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır. Əfifə bunları deyəndən sonra Səba xanıma sual verdi: – Yəqin ki, yaxınlarda xanımın toyu başlanacaqdır. Belə deyilmi? – Mənim öz toyum yox, möhtərəm xanımım üçün toy başlanacaqdır. Bu hazırlıq ondan ötrüdür. Əlverişli bir sövda düzəldərsək, sizin üçün də, mənim üçün də dəyərli bir pay düşər. Lakin tacirlərə yanaşmağın təhərini bilmək lazımdır. Səba xanımın məqsədi aydınlaşdı, Əfifə onun nə etmək istədiyini müəyyən etdi və Səba xanımı təminedici bir şivə ilə dedi: – Mən xanımı anlayıram. Bunu tacirlərin özü də bilir. Bağdadda belə bir adət vardır: tacirin yanına varlı müştəri aparan hər bir şəxs tacirdən müəyyən faiz almalıdır. Əlbəttə bu məsələni tacirlərlə aydınlaşdırmaq və faizin qiymətini təyin eləmək lazımdır. Mənim möhtərəm xanımım onu da bilməlidir ki, faizin miqdarı da alış-verişin çox və az olmasından asılıdır. Bu barədə mənim təcrübəm vardır. Düşünməyə gəlməz, mən bu barədə xanıma kömək edərəm. Səba xanım Əfifənin söhbətlərindən sevindi, çünki bu söhbətlər tamamilə Səba xanımın məqsədlərinə uyğun idi. O, əlini Əfifənin çiyninə qoyaraq: – Bu təsadüf bir xoşbəxtliyin açarı olacaqdır, çünki mənim tacirin yanına aparacağım müştəri fövqəladə bir müştəridir. Müştəri olduqca zəngindir. Lakin mən ona layiq olan şeyləri tapa bilməyəcəyimdən qorxuram. Çünki, hər adi şeylər onun xoşuna getməz. Nadir şeylər ələ düşərsə, ondan istədiyini ala bilərsən. Əfifə gülərək onun sözlərinə etiraz etdi: – Görünür ki, sən Bağdadı yaxşı tanımırsan, – dedi, – burası xəlifələr Bağdadıdır. Vaxtilə dünyanın ən zəngin və ən də nadir şeyləri axıb bu şəhərə gəlmişdir. Ölən xəlifələrdən övlada miras qalan zənginliklərin həddi-hesabı yoxdur. Burada hər sinfə və hər təbəqəyə layiq şeylər əldə etmək mümkündür. Hazırda biz gedib tacirlərin əllərində olan şeylərə baxarıq, qiymətini və keyfiyyətini yoxlarıq, hərgah şeylər və qiymət məqsədə müvafiq olursa, bazarlıq etmək mənim öhdəmə! Səba xanım sevinirdi, bu dəfə Qətibədən qazanacağı para ilə Qasımabad kəndində tikdirdiyi sarayı bitirə biləcəyinə ümid edir və sevinirdi. Onlar yelkəndən bərabər düşüb bir baş Bəndəfüruş bazarına, oradan da əcnəbi tacirlərinin inci, mərcan və qiymətli şeylər satdıqları bazara çıxdılar. Onlar bütün günü bazarları dolaşdılar, lakin Sultan Toğrula ərə getməyə hazırlanan və ikinci dəfə mələkə olmaq istəyən Qətibəyə layiq heç bir şey tapa bilmədilər. Səba xanım kədərləndi, böyük bir qazancdan məhrum olduğunu görüncə çıldırmaq dərəcəsinə gəldi, çox da yorulmuşdu, ac idi, dəli kimi nə etdiyini və danışdığını bilmirdi. Bazarı axıra çıxaraq dəyərli bir şey tapmayınca: – Məndə o bəxt haradandı ki? – dedi. Əfifə onun həyəcan və ümidsizliyini unutdurmaq üçün nəsihət və təsəlli verib deyirdi: – Xanım heç də ruhdan düşməsin, təzə tacirlər gələn günləri bilmək lazımdır, tacirlər hər gün gəlmir, lakin sizin xanımınıza layiq dəyərli malları ancaq yerli tacirlərdə tapmaq olar. Mən bu axşam yerli tacirlərin evlərinə gedərəm, sabah sizi onların yanına apararam. Bazarın xasiyyəti belədir, tacirlər gələn kimi yerli tacirlər onların mallarını alıb sonra tapılmadığı zaman yuxarı qiymətə satırlar. Bəzən kənardan gələn tacirlərin özü də əvvəlcə malın yaxşısını müştəriyə göstərməzlər. Buna görə də biz istədiyimiz malları evlərdə ələ gətirə bilərsək, faiz daha əlverişli ola bilər. Lakin bilmirəm, bu alış-veriş bitdiyi zaman xanımınız da bunda iştirak edəcəkdirmi? Səba xanım gülərək: – Siz mənim xanımımı nə hesab edirsiniz? O heç bir zaman tacir qapısına gedib özünü alçatmaz. Əcəba, siz kübar xanımların adətini bilmirsinizmi?! Bir də budur ki, onun şəxsən iştirak etdiyi alverdə bizim nə kimi qazancımız ola bilər? Zənnimcə, o mənə etibar edər, böyük mənfəət isə malların əlverişli qiymətlə əldə edilməsindən asılıdır. Bunu da nəzərə almalısınız ki, kübar qadınlar sevdiyi və gözləri tutduğu şeyin qiyməti üzərində bazarlıq etməzlər. Çünki onlar bunu özləri üçün bir həqarət hesab edərlər. Əfifə onu dinlədikdən sonra: – Əmin ola bilərsiniz – dedi. – Bağdadı iflas edən tacirlər, şahzadələr, xəlifə ailələri minlərcədir, qiymətli şeylər də bunların əlindədir. Biz həm yaxşı, həm də qiyməti əlverişli olan nadir şeylər ələ gətirə bilərik. Bizim evlərdən inci, mərcan almağımız bazar tacirindən almaqdan daha məsləhətdir. Mən ümid edirəm, mənim möhtərəm xanımım bu alverdə özü istədiyi qədər qazanc əldə edə biləcəkdir. Bu söhbətlərdən sonra Səba xanım sevindi və Əfifəyə xeyir-dua verdi. Sonra da sabahkı görüş məhəllini təyin edib ayrılmaq istədilər. Lakin Səba xanım Əfifəni buraxmaq istəməyərək dönə-dönə tapşırıb deyirdi: – Rica edirəm bu sirr öz yanımızda qalsın. Üçüncü adam bizim sirrimizdən xəbər tutmamalıdır. * * * Səba xanımın itməsi və neçə gündən bəri saraya qayıtmaması Qətibə xanımın varlığını dəyişdirmişdi. Müstərşidbillahın sarayında onun itdiyini müxtəlif təbirlərlə məna edirdilər. Onun yüz min qızıl dinar götürüb qaçmasını söyləyənlər, oğrular əlinə düşüb soyulduğu, boğulub Dəclə çayına atıldığını deyənlər və sairlər var idi. Lakin Qətibənin özü onun tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı. Səba xanım itəndən bir həftə sonra, Qətibə xatunun Toğrula yazdığı və qasiddən yolda alınmış təəccüblü məktubunda qeyd edilirdi: “Əlahəzrət! Bağdada gəldiyimin ikinci günü xəlifə Nəsirəddinbillah ilə görüşməyə müvəffəq oldum. Xəlifə həzrətləri mənə bir hökmdara layiq hörmət göstərdi. Əmirəlmömin bizim izdivac edəcəyimizdən xəbərdar idi, buna görə də o məni əlahəzrət Toğrulun mələkəsi kimi qəbul etdi. Hər halda göstərilən hörmətin padşahlara göstərilən rəsm-qəbuldan heç də fərqi yox idi. Əlahəzrətin məktubunu xəlifəyə verdim, xəlifə məktubun məzmunundan olduqca razı qaldı və əlahəzrət üçün cənab Allah-taalanın və peyğəmbər-zişənin kömək və himayəsini dilədi. Əmirəlmömin əlahəzrətin təklif etdiyi məsələləri həyata keçirmək üçün heç bir şərait tələb etmədi. Xəlifə həzrətləri Atabəy məmləkətləri üzərindəki köhnə himayə və köhnə nüfuzunun bərpa edilməsini tələb edir. Zənn edirəm ki, əlahəzrət Əmirəlmöminin bu haqlı tələbinə heç bir vəchlə etiraz etməz, çünki xəlifəyə yazdığınız məktubun özündə buna dair işarətlər var idi. Xəlifə, Əlaəddin Təkşin Atabəy məmləkətlərinə qoşun göndərməsinə etiraz etmir. Oğlum Qütlüğ İnanc vəliəhd elan olunandan sonra Rey məmləkətinin Xarəzmşahlar məmləkətinə qoşulmasına da onun etirazı yoxdur. Xəlifə, Qızıl Arslanın məhv edilməsi nəticəsində Aran və Şimali Azərbaycanın Şirvana ilhaq olunması ilə də razılaşır. Cənubi Azərbaycan, Fars və qismən İraq məmləkətlərinin əlahəzrətin əlində qalmasına əmr sadir edəcəyinə söz verir. Xəlifə oğlum Qütlüğün yuxarıda göstərilən məmləkətlərin varisi olduğunu qəlbən təsdiq etdi. Bu barədə əlahəzrətin özü də əmin ola bilər. Xəlifə həzrətləri, Qızıl Arslanın Həmədana hücum etdiyi təqdirdə Bağdad ordusunun köməyə göndəriləcəyini öhdəsinə götürdü. Xəlifə həzrətləri Hüsaməddinin Reydə qoşun hazırlaması və bir hadisə təqdirində Qəzvin şəhərini işğal edib Həmədanla Azərbaycanın əlaqəsini kəsmək təşəbbüsünü bəyəndi və təqdir etdi. Bu güzəştlərin müqabilində Əmirəlmöminin Qızıl Arslanla bağlanmış əhdnamənin geri qaytarılmasını tələb edir. Zənn edirəm ki, əlahəzrət buna etiraz etməz, çünki öurad ümumi mənfəət nəzərə alınmışdır. Xəlifə, əlahəzrətin mələkəsinə qiymətli bir boyunbağı hədiyyə verdi. Bu barədə əlahəzrəti təbrik edirəm. Bunları yazandan sonra əlahəzrətə kədərli bir hadisənin xəbərini verməyə məcburam. Mən Bağdadda olduğum günlərdən istifadə edib əlahəzrətin sarayına layiq bəzi qiymətli şeylər əldə etməyi düşünürdüm. Əlahəzrətə bağışlamaq üçün kənizlər və cariyələr almağı düşünürdüm. Özüm üçün də bir qədər inci, mərcan və qiymətli daşlar almaq istəyirdim. Bütün bu işləri mənim sabiq cariyəm Səba xanıma tapşırmışdım. Çünki onun özü də bu xidmətləri bitirmək üçün həvəslənirdi. Lakin görünür ki, mən illərdən bəri etimad etdiyim bir qadını lazımınca tanımamışdım. Mən ona qızlıq zamanımdan bəri adət etmişdim. Doğrudur, o tamahkardı, lakin oğru deyildi. Nəhayət, o, inci və qiymətli şeylər almaq üçün verdiyim 100 min dinar qızılı da götürüb gizləndi. Rica edirəm onun axtarılması üçün tədbirlər görəsiniz. Rica edirəm təcili surətdə 3 yüz min dinar qızıl göndərəsiniz. Burada pulsuz qalmışam. Pul göndərdiyiniz adamla yuxarıda göstərdiyim müqaviləni də göndərin. Mən xəlifə ilə danışılacaq bütün məsələləri həll etmədən Həmədana qayıda bilməyəcəyəm”. Məktub Fəxrəddinin əlinə düşəndən sonra o öz adamları ilə məsləhətləşdi. Bəziləri məktubun eynilə Qızıl Arslana göndərilməsini məsləhət gördü. Lakin Fəxrəddin buna etiraz etdi: – Məktubun məzmununu Qızıl Arslana göndərmək lazımdır. Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. Məktubu Toğrula göndərsək, o yenə də Qətibəyə cavab verər. Bəlkə müqaviləni də Bağdad xəlifəsinə göndərər. O zaman biz yenə də onun qasidini yolda tutdurub müqaviləni də, məktubu da, hətta göndərdiyi paranı da əldə edə bilərik. Bu fikirlə razılaşdılar. Məsələlər bitincəyə qədər qasidin həbsdə saxlanmasını əlavə etdilər. * * * Toğrul özünü çıxılmaz bir vəziyyətdə hiss edirdi. Bir tərəfdən Səba xanım Qətibənin yüz min dinar qızılını götürüb gizlətmişdi, o biri tərəfdən də Qətibəyə göndərilən üç yüz min dinar qızıl da bir məktub ilə bərabər qasidin əlindən alınmışdı. Bunların hamısından sonra, qasid vasitəsilə göndərilən müqavilənamə də, məktub və pullarla bərabər “oğruların” əlinə düşmüşdü. Əlbəttə, o, pullar haqqında çox az düşünürdü. Lakin müqavilənamə əldə olmadan xəlifə ilə başlamaq istədikləri razılaşma həyata keçə bilməyəcəkdi. Toğrulu qorxudan ən əsas cəhət oğurlanan müqavilənin Qızıl Arslanın əlinə düşməsi qorxusundan ibarət idi. Məktubların və müqavilənamənin oğrular əlinə düşməsi bəlli olan kimi Toğrul təcili qasid göndərib Qətibəni Bağdaddan Həmədana çağırdı. Onlar Zəhir Bəlxi və Kəmaləddinlə geniş müşavirədən sonra Qətibəni ikinci dəfə xəlifənin yanına göndərmək qərarına gəldilər. Zəhir Bəlxinin məsləhətinə görə Toğrul Qızıl Arslanla bağlanmış müqavilənin ləğvini elan edəcək və bu barədə sadir elədiyi fərmanın bir surətini xəlifəyə göndərəcəkdi. Toğrul bu fikri bəyəndi. Katibin çağırılmasına əmr verdi. Lakin katib fərmanı yazıb bitirə bilmədi, çünki Qızıl Arslan tərəfindən göndərilən qasid içəri daxil olub, Qızıl Arslan tərəfindən yazılmış məktubu Toğrula verdi. Toğrul özünü itirdi, çünki Qızıl Arslan məktubun sərlövhəsində “Əlahəzrət” kəlməsini yazmamışdı. Məktubun sərlövhəsi bir parça təhqirdən ibarət idi. “Toğrul! Bu məktuba cavab versən də, verməsən də mənim üçün heç də fərqi yoxdur. Çünki mən səninlə məktublaşmaq fikrində deyiləm. Bu məktubu yazmaqdan məqsəd sənin unutduğun bir çox məsələləri xatırlatmaq üçündür. Sən onu bilməlisən ki, Azərbaycan xalqı sənin hökmdarlığını təsdiq etdiyi zaman məmləkəti istədiyin adamlara satmaq ixtiyarını sənə verməmişdir. Sən məmləkətin hüdudlarını qorumalı və daxildə xalqın rahat və səadətini təmin etməli idin. Lakin sən bu vəzifəyə xəyanət edirsən, öz rəftarınla tapşırıqları pozursan. Azərbaycan xalqının qanları və qurbanları nəticəsində qazanılan qələbələri unudur, onların istiqlalını əcnəbilərin ayaqları altına verir, ərəb nüfuzu altından təzə-təzə qurtarmaq istəyən xalqın boynuna ərəb əsirliyi zəncirini hazırlayırsan. Sən Azərbaycan daxilində müstəqil bir padşah kimi yox, bir əcnəbi nümayəndəsi kimi hökmdarlıq etmək xəyalındasan. Bunu sən sevsən də, Azərbaycan xalqı sevmir. Onlara sənin kimi satqın və həqir padşah lazım deyil. Mən bu gündən etibarən Cənubi və Şimali Azərbaycan xalqı tərəfindən sənə xəbər verirəm: məmləkət səni öz qanuni hökmdarı kimi bilməyəcək və bağladığın müqavilələri Azərbaycan xalqı tapmayacaqdır. Xəzinəni istədiyin adamlara paylama, onların hər bir dinarına cavab verməlisən”. Toğrul bu məktubu oxuyandan sonra huşdan getdi. Dərhal həkimbaşını çağırdılar. Onu ayıltdılar, gözünü açan kimi Zəhir Bəlxiyə müraciət edib acıqlı bir surətdə dedi: – Allah sizi heç bir zaman düz yola dəlalət etməsin, məni yolumdan azdırdınız. Deyin görüm, hazırda mənim çarəm nədir? Zəhir Bəlxi heç də özünü itirmədi: – Burada qorxuya səbəb olacaq bir şey yoxdur. Hadisənin qorxusunu azaltmaq üçün bu saat məktubun surətini çıxarıb xəlifəyə göndərmək lazımdır. Siz hökmdarsınız. Bu qədər böyük həyəcanınıza yer yoxdur. Nə olmuşdur ki?! Qızıl Arslanın sizinlə olan düşmənliyi bu məktub olmadan da aydındır. Mən bu saat məsələni təcili qasidlərin vasitəsilə Sultan Təkişə xəbər verərəm. Rey tərəflərinə də qasid və məktub yola salarıq, onlar Rey qoşunu ilə Qəzvinə hücum edərlər. Biz məsələni çox tez bir zamanda həll edə bilərik. Bununla da biz Qızıl Arslana öz arzularını həyata keçirmək üçün imkan buraxmarıq. Toğrul qismən sakit oldu. Rey və Xarəzmə təcili qasidlər göndərildi və məktubun surətini çıxarıb xəlifəyə göndərmək üçün katibə xüsusi əmrlər verildi. Qətibə vəziyyətin qorxulu olduğunu dərhal hiss etdi və heç bir söz demədən Toğrulun yanından qalxıb Atabəy sarayına getdi. O artıq Toğrul ilə oyun oynamağın faydalı bir nəticə verməyəcəyini anladı, macəranın atını Qızıl Arslana doğru məhmizləməyi qərara aldı. Çünki başqa çarə çox idi. Buna görə də Qızıl Arslanla əlaqəyə girmək və onunla məktublaşmaq istədi. Gecəni səhərə qədər yatmadı, yazacağı məktubun mündəricəsi barəsində uzun-uzadı düşündü. O, məktubunu bu sözlərlə başladı: “Böyük və əzəmətli hökmdar! Eldəniz xanədanını ölüm təhlükəsindən qurtarmaq üçün yeganə ümidimiz sizə qalmışdır. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. Mən onun öz bədbəxtliyi haqqında düşünmürəm, məni rahatsız edən böyük bir xanədan və geniş bir məmləkətin bədbəxtlik qarşısında durmasıdır. Mənim sizdən icazəsiz Reydən Həmədana gəlməyimin iki mühüm səbəbi vardır. Əvvələ, Toğrul mənim Reydən Həmədana gəlməyimi qəti bir surətdə tələb edirdi. Mən heç bir vaxt onun bu qədər dəyərsiz və hökumət işlərinə olan etibarsızlığını bilmirdim. Buna görə də Reydən Həmədana gəlmək tələbindən boyun qaçıra bilmədim. Həmədana qayıtdığımın ikinci səbəbi, oğlumun özbaşına hərəkətləri idi. Mən onun ağılsız hərəkətlərinə soyuqqanlı baxa bilmirdim. Çünki mən qadın olsam da, yenə də məndə bir kişi inadı vardır. Hərgah indiyə qədər bəzi sözləri əlahəzrət hökmdara deyə bilməmişəmsə də, bu gün onları gizlətməyim məmləkətə qarşı böyük bir xəyanət ola bilər. Mən Toğrulu çox yaxşı tanıdım. O, qardaşının qatilidir, eyni zamanda mənə izdivac təklifini də edir. Mən çoxdan bəridir ki, bu məcburi izdivacdan boyun qaçırmaq üçün onunla mübarizə aparıram. Lakin mən onun əsiriyəm, mənə dinclik vermir. Onun bu yersiz təklifindən boyun qaçıra bilməcəyəcəm. Çünki mən onun nüfuzu altındayam, onun əsirliyindəyəm. Buna görə də hökmdar məni bu sıxıcı məngənənin altından qurtarmalıdır. Mənim üçün Azərbaycanın bir kəndində oturmaq üçün imkan yaradılsaydı, Həmədanın Atabəy sarayında yaşamağımdan daha gözəl olardı. Mən ancaq o zaman Toğrulun yersiz təklifini rədd edə bilərdim. Hökmdar! Yaxşı düşünün, mən onu görə bilmirəm, çünki o mənim oğlumun atasının qatilidir. Toğrul məni bu izdivaca məcbur edərsə, qurtarmaq üçün yeganə bir yol vardır ki, o da intihar etməkdən ibarətdir. Ümid edirəm ki, böyük hökmdar Atabəy Məhəmmədin hörmət və şərəfini nəzərə alaraq, onun qadınını bu şərəfsizlikdən qurtaracaq və mənim yığılıb Azərbaycanda yaşamağıma imkan yaradacaqdır. Hazırda mənim Həmədandan bir tərəfə hərəkət etməyim üçün heç bir maddi imkan yoxdur. Səba xanım adlı bir cariyə əlimdə olan bütün pullarımı oğurlayıb gizlənibdir. Paytaxtda vəziyyət get-gedə fənalaşır. Hökmdarın təyin etdiyi saxlov dəstələri bir iş görmür”. * * * Düşüncələr Əbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı. Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi. Sülh və dostluq müqaviləsi bağlanandan bir həftə sonra, Əbubəkr Azərbaycan ordusuna hərəkət əmri verdi və əlli minlik ordu çadırları və başqa hazırlıqları ilə bərabər Gəncədən Araz çayı sahilinə hərəkət etdi. Şimali Azərbaycanın hər tərəfindən Gəncəyə gəlmiş ziyalılar, başqa Nizami olmaq üzrə Azərbaycanın qılınc nişanlı bayrağını Əbubəkrə təslim etdikləri zaman, damlardan və artırmalardan atılan minlərcə gül dəstələri vəliəhdin atının dırnağına səpilirdi. Əbubəkr Şimali Azərbaycanın milli bayrağını əlinə aldığı zaman and içərək dedi: “Bu bayrağın tarixi şərəfini bir daha ucaltmağa və bu bayrağı mənə tapşıran xalqa sadiq qalacağıma, bütün ömrüm boyu həqiqi bir Azərbaycan vətəndaşlığı namusu daşıyacağıma, Azərbaycan xalqının istiqlal və şərəfini müdafiə yolunda düşmənə arxa çevirməyəcəyimə and içirəm”. Vəliəhd bu sözləri deyəndən sonra, bir daha atından endi, ruhanilərin və ziyalıların əllərini öpdü. Sonra da Nizami onun alnından öpərək danışdı: – Gənc vəliəhd bu səfərində qələbəyə əmin ola bilər. Onun dalınca gedən atlıların qılınclar heç bir zaman qələbə əldə etmədən qınına qoyulmamışdır. * * * Ordu çox sürətlə hərəkət edirdi. Ordunun sursat çadırlarını daşıyan minlərcə qatır və dəvə karvanları gecə və gündüz Təbriz şəhərinə doğru yürüyürdü. Ərusək və məncəniq daşıyan arabalar Qaradağın aşılmaz gədiklərindən igidlərin çiynində çıxarılırdı. Şimali Azərbaycan ordusu Araz körpüsündən Qaradağ torpağına ayaq qoyduğu zaman insanın təsəvvürünə gəlməyən bir təntənə ilə qarşılandı. Əlli minlik bir ordunu yedirmək üçün cənubi azərbaycanlılar ordunun düşəcəyi hər bir mənzil başında yemək hazırlığı görmüşdü. Ordu yemək üçün, istirahət üçün mənzil başında düşdüyü zaman, minlərcə Azərbaycan gəncləri və gəlin-qızları qəhrəmanların atlarını tutur, gəzdirir, tərini soyudur, yem tökür və rahat edirdi. Cənublular şimaldan gələnləri musiqi ilə, oxumaq və çalmaq ilə cəbhəyə yola salırdı, qadınlar isə igidlərin atlarının tərkindən asılan xurcunlara yemək qoyduqları zaman: “Qollarına və qəlbinə qüvvət olsun!” deyirdilər. Araz çayı kənarından Təbrizin Acıçayın kənarına qədər olan üç günlük yolun ətrafındakı kəndlərdə gecələri at kişnəmələri və zəng səslərindən qulaq tutulurdu. Təbriz altında qurulan ordu qərargahının böyüklüyü Təbriz şəhərindən bir neçə qat böyük idi, çünki Cənubi Azərbaycan ordusu da öz çadırlarını Acıçay kənarında qurmuşdu. Lakin düşmənin qüvvəsi də böyük bir qüvvə idi. Sultan Təkişin əlli minlik ordusu Xarəzm sərhədini keçmişdi. Xəlifə özü də Bağdad sərhədini keçib Həmədan üzərinə yürüməkdə idi. Qətibənin oğlu Qütlüğ İnanc iyirmi mindən ibarət Rey ordusu ilə bərabər Reydən Qəzvinə hücum edir və Təbrizlə Həmədanın əlaqəsini kəsməyə çalışırdı. Atabəy məmləkətləri qorxu altında idi. Lakin Qızıl Arslan özünü şaşırmamışdı. O, Həmədanda olan Azərbaycan ordusunun sərkərdəsi Fəxrəddin və Seyid Əlaəddinə təcili və gizli bir əmrnamə göndərmişdi: “Bu məktubu alan kimi, qəfildən İraq və İran qoşun dəstələri yerləşən binaları mühasirəyə alıb tərk-silah etdirərsiniz. Toğrulun bütün tərəfdarlarını əvvəldə tutduğumuz siyahı üzrə həbs etdirərsiniz. Bu əmrləri bir gecənin içərisində həyata keçirməlisiniz. Paytaxtı təmizlədikdən sonra əlinizdə olan silahlı qüvvələri üç hissəyə ayırarsınız, onlardan bir hissəsini Əsədabad və Əlvənd dağı keçidlərində, Gürcüstan sərhədi olan Səhnə və Şəbdiz tərəflərində yerləşdirib Bağdad ordusunun Həmədana doğru başladığı hərəkəti dayandırmalısınız. Qoşunun ikinci hissəsini Əbər tərəflərində yerləşdirib, Rey ordusunun Qəzvindən qayıdacaq yollarını qorxu altında saxlamalısınız. Üçüncü hissə Həmədanın müdafiəsində durub, daxili qiyamlara imkan verməməlidir”. Qızıl Arslan Xarəzmşahın ordusunu məmləkətdən çıxarmaq üçün Bustam, Cacərm və Nişabur tərəflərinə əlli mindən ibarət qüvvətli bir ordu göndərəndən sonra vəliəhdi Təbrizdə buraxıb güclü bir qoşunla Həmədana doğru irəliləməyə başladı. Qızıl Arslan Qəzvinə yetişmədən əvvəl Həmədandan Fəxrəddinin rəhbərliyi altında gələn beş minlik Azərbaycan atlısı, Hüsaməddin və Qütlüğün iyirmi minlik ordusunu darmadağın edib Qəzvin şəhərini işğal etmişdi. Toğrul Qəzvin şəhərinin azərbaycanlılar tərəfindən işğal olunduğunu eşidən kimi Zəhir Bəlxi və bir neçə yaxın adamları ilə bərabər Savə şəhərinə çəkildi. Qətibə isə taxt-rəvana oturub Qızıl Arslanın istiqbalına çıxdı. Qızıl Arslan böyük bir təntənə ilə şəhərə daxil olub Atabəy qəsrində düşdü. Toğrulun bütün dövləti və əmlakı müsadirə olundu, dövlətə məxsus xəzinə və qiymətli şeylər isə Təbrizə köçürüldü... Qızıl Arslan Həmədana yetişdiyinin üçüncü günü Xarəzm ordusunun Cacərm altında əzilib geri çəkildiyi xəbərini aldı. Bağdad qoşunları isə Harunabad altında Azərbaycan qoşun dəstələrinə təsadüf edən kimi Bağdada çəkilməyə başlamışdı. Qızıl Arslan hüdudlardan əmin olduqdan sonra Fəxrəddin tərəfindən həbsə alınanların mühakiməsinə başladı. Vaxtilə Qızıl Arslan tərəfindən sürgün edilən və sonra Toğrulun dəvətilə Həmədana qayıdan müqəssirlər hökmdarın hüzuruna gətirildiyi zaman hökmdar acıqlanaraq dedi: – Siz yenə də mənim Həmədana hücum etməyimə səbəb oldunuz. Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. Sizin xəyanətinizin nəticəsində Bağdad, Qəzvin və Cacərm altında minlərcə insan qanı töküldü. Siz o qanların hamısına məsulsunuz. Siz Həmədan alim və əyanları kağız möhürləyib Xarəzmşaha göndərməklə məmləkəti satmaq istəyirdiniz. Siz alimlər və ruhanilər islam şərəfini ayaqlar altında tapdamaqdasınız. Sizə məmləkət haqqında padşahlarla müzakirə aparmağa kim ixtiyar vermişdi? Alçaq, yaltaq və uzunətək murdarlar! Dünyanı yalnız sizdən təmizlədikdən sonra, təzədən qurmaq mümkün olacaqdır. Sizə mərhəmət etmək – insanlara zülm etməkdir. İslamın həyatını, əqidəsini, fikrini, şüurunu bir qarın yemək üçün zəhərlədiniz. Qızıl Arslan bunları deyəndən sonra xidmətçilərə: – Bunlar üçün qırx beş dar ağacı qurulsun! – deyə əmr verdi. Müqəssirləri apardılar. Axşam idi, müqəssirlər dar ağacının altına gətirildiyi zaman Həmədan şəhəri bir-birinə dəymişdi. Müqəssirləri qurtarmaq üçün çuvallar dolusu qızıl və qiymətli şeylər Atabəy sarayının qarşısına düzülmüşdü. Lakin müqəssirləri altun gücünə qurtarmaq istəyənlər müqəssirlərdən qabaq dar ağacına qaldırıldı. Həmədan şəhəri mühasirə altında idi. Şəhərdən heç bir kəsin kənara çıxmasına imkan verilmirdi. Xəlifə tərəfindən Toğrul sarayına göndərilən nümayəndələr qovulmuş və yenə də Toğrul tərəfindən çağırılmış vəzirlərin bir hissəsi dara çəkildi, bir hissəsi də Azərbaycan qalalarının həbsxanalarına göndərildi. * * * Qızıl Arslan Həmədanda görüləcək işlərə əncam verəndən sonra bir daha Bağdada girdi. Əldə olan vəsiqələrlə son müharibələrin məsuliyyətini xəlifənin üzərinə saldı. Xəlifənin qoşunu bir daha tərk-silah edildi və zərərləri ödəndikdən sonra, bir daha Atabəy məmləkətlərinə xəyanət etməmək üçün Qurana and içdi. Qızıl Arslan Bağdaddan Həmədana qayıtdığı zaman yolda xəstələnmişdi. O, Həmədanda qaldığı beş günün müddətində yanına heç bir kəsi qəbul etmirdi. Qətibə xatun isə bu fürsətdən istifadə edib Qızıl Arslana yanaşmaq və öz günahlarının cəzasını qismən yüngüllətmək istəyirdi. O, yaxın günlərdə öz məsələsini həll etməli idi. Çünki Qızıl Arslanın Qətibə haqqında verdiyi qərarı məlum deyildi. Qətibə qorxurdu. O, otağında yalnız qaldığı zamanlar etdiyi cinayətləri bir-bir xatırlayır və titrəyirdi. Gah zəhərlənmiş Atabəyin yaşıl rəng almış meyiti, zəhərin təsirindən qaralmış çöhrəsi gəlib onun gözünün qabağında hərəkət edir, gah da məmləkətin əcnəbilərə satılması üçün qoyduğu imzaları gözlərində təcəssüm edirdi. O nə qədər düşünürdüsə də, Atabəy Məhəmmədin vaxtından bu günə qədər yaxşı bir iş gördüyünü xəyalına gətirə bilmirdi. Buna görə də o, bəzən öz-özünü mühakimə edərək deyirdi: “Qızıl Arslan məni hansı işim üçün bağışlaya bilər? O məni dara çəkdirər, zindanlarda boğdurarsa, haqlıdır. Mən onun qardaşını öldürdüm, Eldəniz xanədanını məhv etdim, məmləkətin bu qədər fələkətinə səbəb oldum. Nələr, nələr etmədim? Hazırda bütün Şərq ölkələrində məndən bədbəxt bir qadın ola bilərmi? O şair mənə nə etmişdi? Mən onun başına nə kimi fələkətlər gətirmədim?! Mən onun bir dünyadan qiymətli olan kitabxanasını nə üçün yandırdım? Nə üçün onun sevgilisini məhv etmək istəyirdim? Mən əvvəllər nə idim? İndi nəyəm? Nə üçün mən Atabəyi məhv etdim? Nə üçün mən onu bir kəndli qızına qısqandım? Halbuki mən mələkə, oğlum isə Eldəniz xanədanının varisi idi. O da mənim ağılsız hərəkətlərim nəticəsində bu məmləkətin düşmənlərinə qoşuldu. Məndə nə qaldı? Günahlarımı bağışlatdırmaq üçün nə kimi imkanlarım vardır? Heç bir şey! Cəzadan qurtarmaq üçün qadınlıq və gözəllikdən başqa heç bir şeyə malik deyiləm. Lakin qadınlıq vicdanını, qadınlıq şərəfini də itirmişəm. Çünki qollarım və dodaqlarım gündə birinin sərəncamında olubdur. Nə üçün? Mən bir hökmdarın mələkəsi kimi namusla yaşasaydım, Hüsaməddin kimilər mənim nəyimə lazım idi? Onu da öz başladığım xəyanətdə iştirak üçün doğru yolundan ayırdım, o da bu məmləkətin düşməni kəsildi, Atabəyin qətlində iştirak etdi, bunun əvəzində nə qazandı? Bir mələkənin yox, qatil bir fahişənin dodaqlarından başqa bir şey qazanmadı. Toğrul kimi sərxoş, zəif, iradəsiz bir hökmdarı səfil və rəzil bir vəziyyətə salan mən olmadımmı?! Onu verdiyim nəsihətlərlə öz ana-bir qardaşının qətlində iştirak etdirən mən olmadımmı?! Qızıl Arslan nə üçün məni bağışlasın? O nə üçün məni diri qoysun?..”. Qətibə bunları düşünəndən sonra çox şiddətlə ağladı. Ümidsizlik onun nicat yollarını qapamamışdı. Çox ağladı, göz yaşları döşlərini islatdığı zaman qəlbindəki yanıqlar da qismən söndü, yenə də düşünməyə başladı: “Mən hələ o qədər qocalmamışam, gənclikdən o qədər də uzaqda deyiləm. Qadın qırx iki yaşlarında yenə də qadındır. Gözəllik isə hələ sönməmişdir. Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. Qızıl Arslan da Hüsaməddin və Toğrul kimi bir kişidir. Bəlkə də kişilik şüuru onu mənim qələmlərimə atar. Bəlkə də o mənim gözlərimə baxarkən qəlbindəkiləri unudar. Bəlkə də mənim boybuxunuma baxdığı zaman təbiətin məndə yaratdığı möcüzələrə suiqəsd etmək fikrindən daşınar. Bəlkə də o mənim qara saçlarımı gördüyü zaman boğazıma keçirmək istədiyi sabunlanmış kəndiri xəyalından atar. Bəlkə də mən günahlarımı öz şişman döşlərimin kölgəsində gizlədə bilərəm. Bəlkə də mənim seviləcək dodaqlarım onun dodaqlarından çıxacaq cəza əmrlərini unutdurar”. Qətibə bu fikirlərin nüfuzuna istinad etdi və Qızıl Arslanın səhhətini soruşmaq bəhanəsilə onun otağına girməyi qərara aldı. Qətibə bu cür düşünürdü: “Kişilərin yanına gediləcək qapı otağın hansı bir tərəfində olursa olsun, yenə də güzgünün və bəzək büsatının yanından keçərək onlara yanaşmaq lazımdır. Sənətkarlar boyaları əbəs yerə yaratmamışlar, hər bir şeyi boyaların altında gizlətmək mümkündür. Mən də öz günahlarımı zinət və boyaların altında gizlədə bilərəm. Kişilər təbii şeyləri o qədər də bəyənməzlər. Onlar qadının qəlbi ilə yox, şəkli ilə maraqlanır, ümumiyyətlə onlar şəkilpərəstdirlər. Gözəlliyi, hətta boyalı gözəlliyi sevirlər”. Qətibə əlini-əlinə çalıb cariyələri səsləyərək onlara belə bir əmr verdi: – Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin! Cariyələr dərhal bəzək büsatını döşədilər. Əvvəlcə Qətibənin saçlarını Heydərabaddan gətirilmiş qiymətli ətirlərlə yudular. Sonra çöhrəsini Bağdad və Xorasanın ağ mərmər rəngli kirşanları ilə kirşanladılar. İsfahan qızıl gülündən alınmış rənglə yanaqlarını bəzədilər. Atabəy Məhəmmədlə görüşdüyü zaman taxdığı zinətləri üstünə tökdülər. Çin və Türküstan ipəklərindən düzəlmiş libasları geyindirdilər. Zümrüd və almaz xalxalları topuqlarına bağladılar. Qətibə tovuz quşunun gözəlliyini mənimsəyəndən sonra qalxıb güzgünün qabağına gəldi, yüzlərcə şamların işığında öz çöhrəsini və əndamını, zinətlərini gözdən keçirdi və öz-özünə yavaşdan dedi: “Sanki mən yenə də o qiymətli, eyni zamanda çox ucuz qiymət etdiyim gəncliyə qayıtdım”. O, bu sözləri deyəndən sonra qapıya doğru bir-iki qədəm götürüb dışarı çıxmaq istədi, lakin dayandı, çox düşündü, Qızıl Arslanın yanına getməyə cəsarət etmədi. “Bəlkə də hökmdar məni rədd etdi. Bəlkə də bu gözəllik onun acığını söndürmədi, o zaman mənim bu hərəkətim özüm üçün bir həqarət təşkil etməzmi?” – deyərək dayandı. Lakin bir azdan sonra yenə də: “Kişilər uzun istiqbalı qısa nəşəyə satmağa öyrəniblər”, deyərək özünü ələ aldı və qəlbində dedi: “Hökmdar möhkəm və dəmir bir iradəyə malik olsa belə, aylardan bəridir ki, qadınların hüzur və söhbətindən məhrumdur. Hazırda onun varlığında qadına, hətta gözəl qadına qarşı ciddi və inadkar bir tələb mövcud olmalıdır. Qadına olan tələb elə kəskin bir tələbdir ki, onun inadını heç bir irədə və şüur sındıra bilməz. Mən də gözəl bir qadınam, həm də gecədir. Ağıllı qadınlar isə kişilərin görüşünə ancaq gecə vaxtında getməlidir, çünki gecələr qadınların bəzəkləri təbii görünür, həm də kişilərin qadına olan marağı ancaq gecə zamanı alovlanmağa başlar. Çünki şamların işığında günəşin işığı kimi ifşaedici xasiyyət yoxdur. Bəzəklər örtə bilmədiyi cizgiləri, qocalığın mənfur izlərini təşkil edən qırışıqları, ən əla kirşanlar və boyalar örtə bilməzsə də, şamların işığı lazımınca örtə bilər”. Qətibə bu düşüncələrdən sonra bir daha güzgünün qarşısında dolandı, özünə bir daha diqqətlə baxaraq qapıdan çıxdı. Qızıl Arslanın yataq otağına məxsus kiçik dəhlizə böyük ürək çırpıntıları ilə girdi, lakin pərdəni qaldırıb otağa girməyə cəsarət etmirdi. Pərdənin dalında durub düşünür və öz-özünə deyirdi: “Bunu kim bacarar? Gecənin bu zamanı, xəlvət otaqda yaşayan bir kişinin otağına girmək kimin işidir? Bu qədər küstaxlığa kübar bir qadın, hətta bir məmləkətin mələkəlik şərəfini daşıyan bir qadın imkan verə bilərmi? Gecənin bu vaxtında qırx iki yaşlarında bir qadının bəzənib-düzənib kişinin yataq otağına girməsində nə kimi bir məna ola bilər? O mənim haqqımda nələr düşünməz? Lakin bilmirəm o məni mən istədiyim kimi qəbul edəcəkdirmi? O mənim illər uzunu irtikab etdiyim cinayətlərin günahını beş dəqiqəlik bir nəşə ilə silməyi bacaracaqdırmı? Zənn etmirəm, o qadınlara öyrənməmişdir. O, qadın vüsalının tiryəkinə adət etməmişdir. Lakin çətinlik birinci görüşə qədərdir. Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhərini aşılaya bilər. Sevgi ləkəsi silinməz ləkələrdəndir. O kimi ləkələri daşıyan adamlar həqarətdən, alçalmadan da əndişə etməzlər. O kimiləri işvəkar və gözəl qadının bir şübhəli gecəsinə gədəcəyin minlərcə işıqlı günlərini qurban verə bilərlər”. Qətibə bunları deyib otağın pərdəsini qaldırdı və sakit qədəmlərlə Qızıl Arslanın yatağına doğru irəlilədi. Qızıl Arslan insan nəfəsinin hənirtisini hiss etdiyi zaman əlindəki kitabı bir tərəfə buraxıb Qətibəyə nəzər saldı. Şərqin bütün zinət və zənginliyini mənimsəmiş canlı bir sərginin irəlilədiyini gördü və dərhal Qətibənin qəlbini oxudu. Qətibə düşüncələrində müvəffəqiyyət qazana bilməyəcəkdi, çünki Qətibə otağa girdiyi zaman Qızıl Arslanın oxuduğu kitab qadınların lehinə deyil, əleyhinə idi. O, “Çahar dərviş” romanını yoxladığı zaman “Rövşəndüxt” hekayəsini oxuyurdu. Qızıl Arslan Qətibəni gördüyü zaman sanki Meymən qalası hökmdarının qızı Rövşəndüxt onun yatağına doğru gəlir və atasının qətlinə mükafat olaraq sərkərdənin qolları arasına atılmaq istəyirdi. Qızıl Asrlan bu fikirlərin dəhşətli təsirilə kitabı bir tərəfə buraxıb qalxmaq istərkən, Qətibə əlini onun çiyninə qoyub dedi: – Rahatsız olmayın, hökmdar! Siz xəstəsiniz. Üzrünüz məqbul üzrdür. Sizi rahatsız etmək istəmirdim, lakin rahat ola bilmədim, hökmdarın belə mühüm bir zamanda xəstələnməsi vəziyyətdən xəbərdar olan bir adamı düşündürməyə bilməzdi. Qızıl Arslan acığını gizlədərək: – Mələkədən çox razıyam, – dedikdə, Qətibə də: – Mələkəlik məni xoşbəxt edə bilmədi. Lakin mən bədbəxt olduğuma baxmayaraq, hökmdarın xoşbəxt və qalib həyat keçirməsini arzu edirəm. – Mələkəni xoşbəxt etmək bir şəxsin işidir, lakin məmləkəti xoşbəxt etmək üçün uzun müddət, hətta ümumi bir qüvvətlə işləmək lazımdır, çünki məmləkətin düşməni olduqca böyükdür. Qətibə bir ah çəkərək: – Doğrudur, hökmdar! – dedi. – Mənim xoşbəxtliyimin bir şəxsin əlində olduğu inkaredilməz bir həqiqətdir. Lakin qəlbin tələbləri təmin edilmədən xoşbəxtliyin baş tutacağı da şübhəlidir. Qızıl Arslan göz qapaqlarını qapayıb Qətibənin nə demək istədiyi barəsində düşünür və ona nə kimi cavab verməyi hazırlayırdı. Qətibə hökmdarın tərəddüd içərisində üzdüyünü duyunca cəsarətini toplayıb dodaqlarını hökmdarın dodaqlarına yaxınlaşdırıb: – Yəqin ki, hökmdar həzrətlərinin hərarəti olduqca kəskindir! – dedi. Lakin Qətibə bu təşəbbüsündən gözlədiyi qalibiyyəti qazana bilmədi, biləks, açıq bir təhqir aldı. Çünki hökmdar çöhrəsində insan nəfəsinin istiliyini hiss edər-etməz, Qətibənin fikrini anladı və əlini çöhrəsinə hayıl etdi. Buna görə də Qətibə hökmdarın dodaqları əvəzinə əlindən öpdü. Qızıl Arslan Qətibənin təhqir olduğunu hiss edərkən: – Elədir, mələkə! Hərarətim olduqca kəskindir. Mən də xəstəyəm, məmləkət də xəstədir. Birinci xəstəyə yox, ikinci xəstəyə kömək lazımdır. – Mən ikinci xəstənin tədavisində iştirak etməkdən ötrü birinci xəstə ilə danışmaq üçün gəlmişdim. Qızıl Arslan Qətibənin onu yoluxmaq və səhhətini soruşmaq üçün deyil, Toğrul ilə oynadığı oyunları oynamaq məqsədilə gəldiyini bilirdi. Bunsuz da Qətibənin məsələsi Qızıl Arslanı düşündürürdü. Onu edam etdirmək və yainki həbsə aldırmaq mümkün deyildi. Əvvəla, onun oğlu Rey hakimi idi, ikinci, o, Atabəy Məhəmmədin qadını idi. Qızıl Arslan onu sürgün etmək də istəmirdi, çünki sürgündə olduğu zaman məmləkətin düşmənləri ilə daha azad, daha asan bir surətdə görüşür və macəra hazırlayırdı. Buna görə də Qızıl Arslan onu öz gözü önündə bulundurmağı qərara almışdı ki, bu da onun Təbrizə köçürülməsilə mümkün idi. Qızıl Arslan bunları düşündüyü dəqiqələrdə Qətibə də eyni fikrin ətrafında düşünürdü: “O məni öldürə bilməz. Həbsdə saxlaya bilməz, sürgün etməkdən də müsbət bir nəticə əldə edə bilməzdi. Söz yoxdur ki, paytaxtda yaşamağıma razı olmayacaqdır. Bunun üçün yeganə bir çarə varsa, o da məni Təbrizə köçürməkdən ibarət olacaqdır. Hərgah mənim bu düşüncələrim doğrulursa, o zaman hökmdarın yaxası bu qadının əlindən qurtarmaz, o bu gün üzünü tutmağı bacarırsa, yarın bacarmaz. Kişilər belədir, onların qadına tələbat hiss etdikləri anları təyin etməyi bacarmaq lazımdır. Onlarda bu tələbat doğulduğu zaman şüurları kütləşir, o zaman qadının qocalığını, çirkinliyini, hətta əxlaqsız olduğunu belə xəyallarına gətirə bilməzlər”. Qızıl Arslan sükutu pozaraq: – Mən möhtərəm mələkə haqqında tamamilə başqa cürə düşünürəm. Bu neçə ilin müddətində mələkənin yaşayış tərzindən aldığım təcrübələr mənə bir həqiqəti anlatdı ki, o da bundan ibarətdir: İndiyə qədər mələkənin nə kimi bir vəziyyət içərisində yaşamasilə nə Toğrul, nə də mənim özüm məşğul olmamışıq. Mələkənin üzərində müəyyən nəzarət və himayət olmamışdır. Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır. Məmləkətin düşmənləri mələkənin başlı-başına buraxılmasından istifadə etmişdir. Hətta, Toğrulun özü də mələkənin qeyri-ixtiyari və məcburiyyət daxilində buraxdığı səhvlərindən istifadə etmək istəmişdir. Qızıl Arslan bunları açıq-açığına deyəndən sonra Qətibəyə sual verdi: – Möhtərəm mələkə, bu söylədiklərim doğru deyilmi? Qətibə bir daha iqbalını sınamaq istədi və ağlayaraq: – Belədir, əlahəzrət! – deməklə özünü hökmdarın üzərinə atdı və bir daha tutqun səslə: – Belədir! – dedi və döşlərini hökmdarın döşlərinə söykədi, qollarını açmaqla onu bərk-bərk qucaqladı. Lakin o, bu son təşəbbüsündə də müvəffəq ola bilmədi. Qızıl Arslan soyuqqanlı bir halda onun qollarından tutub yataqdan uzaqlaşdı və: – Mələkənin özünü ələ almasını məsləhət görürəm. Sizi Təbrizə köçürəcəyəm. O zaman bu sahədə də danışmaq mümkündür. Qətibə məğlublara məxsus bir çöhrə ilə Qızıl Arslana baxaraq soruşdu: – Mən hökmdarın verdiyi bu vədələrə inana bilərəmmi? – İnana bilərsiniz. Hər şey Təbrizdə. Qətibə bu sözləri eşidəndən sonra yenə də qalxıb getmədi, o Qızıl Arslandan təminat almaq və gələcəyin zəminəsini qoymaq üçün öz qadınlığını, öz gözəlliyini nümayiş etdirdi. Lakin etdiyi nümayişlərin hamısında özünü məğlublar cərgəsində gördü. Nəhayət, fikrini açıq-açığına dedi. Qızıl Arslan da əvvəlki sözünü təkrar etməklə: – Hər şey Təbrizdə, – deyə cavab verdi. Qətibə bir daha açıq danışdı: – Mən hökmdarla bərabər məmləkətin iqbalında iştirak etmək istəyirəm. Qızıl Arslan yenə də: – Bu barədə Təbrizdə danışarıq, – dedi. Qətibə səhərə qədər Qızıl Arslanı rahatsız etdiyinə baxmayaraq, öz qəlbini rahat edə bilmədi. O ağlaya-ağlaya pərdəni qaldırıb dəhlizə çıxdığı zaman cariyələr və xidmətçilər də dəhlizdə durub Qətibənin hökmdarın otağından nə zaman və nə vəziyyətdə çıxacağını gözləyirdilər. Qətibə göz yaşı ilə onlara müraciət edib: – Hökmdarın səhhəti yerində deyildi, buna görə də yanından ayrıla bilmədim, – deyib, keçib getdi. Bu hadisədən üç gün keçəndən sonra Qətibənin qafiləsi Atabəy sarayını tərk edərək Həmədanın Təbriz darvazasından çıxırdı, Qətibə sanki Qızıl Arslanla baş tutacaq izdivacın toy otağına gedirdi. Qətibənin Təbrizə gətirilməsi xarəzmşahlarla olan əlaqənin dəyişməsinə və Reydən mərkəzi hökumətə qarşı aparılan mübarizənin dayandırılmasına səbəb oldu. Lakin azərbaycanlılar Qətibənin Azərbaycana gətirilməsi və Təbriz saraylarından birisində yerləşdirilməsi işinə soyuqqanlılıqla baxa bilmədilər. Qızıl Arslanı yaxından tanıyanlar onun Qətibə ilə evlənəcəyi haqqında buraxılan şayiələrin heç birisinə inanmırdı. Qətibə isə Təbrizə yığışdığı gündən bəri özünü Qızıl Arslanın mələkəsi kimi aparır və bu izdivacın tezliklə baş tutacağına inanırdı. O, oğlu Qütlüğ İnanca yazdığı məktubunda da bu fikirləri ifadə edirdi. O, məktubda deyirdi: “Bir məmləkəti idarə etmək işinin müvəffəqiyyəti, vəziyyəti təyin etməkdən asılıdır. Biz iqbalımızı Toğrulun iqbalına bağlamaqdan heç bir müsbət nəticə əldə edə bilmədik. Mənə elə gəlir ki, Toğrulun məsələsi hələlik həll edilmiş bir məsələdir. Hazırda həm iqbal, həm də məmləkət xalqının rəğbəti Qızıl Arslanın tərəfindədir. Buna görə də əminə qarşı əlində silah olaraq müharibəyə çıxmağın vaxtı keçmişdir. Bizim iqbalımız Qızıl Arslanın iqbalı ilə bir yerdə aşılanmaq ərəfəsindədir. Bu birləşmə səni nə acıqlandırsın, nə də heyrətə gətirsin. Çünki bu, iki nəfərin arzusunu təyin etmək deyildir. Xanədanımızın davam və möhkəmliyi bunu təqaza edir. Qan tökmək ixtilafı bir daha dərinləşdirər. Məktubu alan kimi, müharibə və mübarizə ətrafında gördüyün hazırlıqların hamısından əl çəkib Təbrizə gəlmək səfərinə hazırlanmalısan. Hökmdar sənə də və qəhrəman Hüsaməddin cənablarına da əmniyyət əta buyurmuşdur. Sizin hər ikiniz üçün əmniyyətnamə göndərir və yolunuzu gözləyirəm”. Bu məktub göndəriləndən on beş gün sonra təcili qasid gəlib Qütlüğ İnancın Hüsaməddinlə bərabər Təbrizə yaxınlaşdığını xəbər verdi. Bu xəbər gələn kimi Qızıl Arslan böyük və təntənəli bir istiqbal mərasiminin düzəlməsinə əmr verdi. Hüsaməddinlə Qütlüğ İnanc Qızıl Arslanın hüzuruna daxil olduqları zaman Qətibə də Qızıl payəli bir kürsünün üstündə oturmuşdu. Onların hər ikisi əvvəlcə Qətibənin, sonra da Qızıl Arslanın əlini öpdülər. Hüsaməddin Qətibənin əlini öpdüyü zaman keçmişin mürəkkəb xatirələri yenə də onu danışdırıb deyirdi: “Vaxtilə bu əxlaqsız qadın mənimlə izdivac arzusunda olduğu və mənim həsrətimlə yaşadığını təkrar-təkrar deyərək and içirdi. O, üzünü və dodaqlarını dəfələrlə mənə öpdürdüyünə baxmayaraq, indi də mənə əlini öpdürür, heç də utanıb-qızarmır. O dodaqlar nə etmədi? Qaşıda duran bu ilan kimləri zəhərləmədi? Ərini edam etdirdi, Toğrulu taxtından sürgünlərə göndərdi. İndi də Eldəniz xanədanını kor qoymaq üçün Qızıl Arslana nəfəs salmışdır. Lakin o mənim əlimdən yaxasını qurtara bilməyəcəkdir. Onu məhv edəcəyəm, o mənim yanımda da məsuldur. Onun şeytancasına sevgisi iyirmi ildən bəri mənim gəncliyimi çeynəmişdir. Mən bir qəhrəman olduğum halda, kimlərə xidmət etdiyimi özüm də bilmirəm”. Hüsaməddin bu fikirlərdən sonra ilan kimi acığından qısqanaraq bir daha qəlbində dedi: “Şairlər nə qədər hessas şəxsiyyət imiş!.. Nizami bu ilanı birinci görüşdə tanıdı. O, bunun qəlbini nə tez oxuya bildi? Qoy Qətibə şadlanmasın, qoy o Qızıl Arslandan nicat gözləməsin, mən yenə də Toğrulu hökumət başına keçirəcəyəm. Qoy Qızıl Arslan dünyalara əyilməyən məğrur başını əclaf və vəfasız bir qadının qarşısında əysin, lakin onu da bilsin ki, bu qadına əyilən baş, bir gün torpaqdan qalxmayacaqdır. Buna Qətibə deyərlər, o bu xanədanı məhv etməmiş sakit olmayacaqdır. Bunun özünü isə yalnız mən məhv edə biləcəyəm”. Qətibə də hüzurunda duran ağılsız və sevgi əsiri olan qəhrəmana baxır və düşünürdü: “Qəhrəmanlıq meydanının sənətkarı olsan da, qadın qəlbini öyrənmək işində məktəbli bir uşaq qədər savadsızsan. Sən mənim əlimdən qurtara bilməzsən. Filosoflar, siyasətçilər və ədiblər meydanında at sürən Qızıl Arslanlar mənim müəmmalarımı həll edə bilmədiyi halda, sənin kimi avam, ancaq bir qılınc ilə bir də heyvanı qüvvətə malik olan bir adam nə edə biləcəkdir? Sən mənim bir cüt dodağıma sahiblənmək üçün bir hökmdarın qətlində iştirak etdin. Bu dodaqları bir daha sənə verərsəm, yanımda oturan ikinci hökmdarı da öldürəcəksən, lakin yenə də mən sənin olmayacağam. Çünki mən gözəlliyi, qəhrəmanlığı yox, məqsədi sevirəm. O məqsəd isə Toğrulda və Qızıl Arslandadır. Sənə gəldikdə, bu məqsədi əldə etmək üçün bir vasitəsən”. * * * Təntənəli ziyafətdə Təbrizin ən sənətkar çalanları və oxuyanları iştirak edirdi. Lakin Hüsaməddinin qəlbi özündə deyildi. Onu təhqirin və qısqanclığın ağırlıqları əzirdi. O həm acıqlanır, həm də etdiklərindən utanır və xəcalət çəkirdi. – Nə üçün mən Atabəy Məhəmməd kimi bir kişini iki zəhərli dodaqların səbəbinə zəhərlətdim? – deyərək qəlbində belə bir and içirdi: “Mən bu fahişənin dodaqlarına zəhər içirməsəm, rahat ola bilməyəcəyəm”. Qətibə hazırkı vəziyyətdən narazı deyildi. O belə düşünürdü: – Mən bir qatil olsam, dəyərsiz adamların qatiliyəm. Məmləkətini, vətənini bir qadının dodaqlarına qurban verə bilənləri öldürmək məmləkətə və xalqa qarşı bir xəyanət hesab edilməməlidir. Məmləkətin bədbəxtliyi burasındadır ki, onun idarəsi hər əsrdə bir acizin, yaxud bir şəhvətpərəstin əlində olmuşdur. İyirmi iki ildir ki, böyük bir xanədanı oyuncaq edib əlimdə oynadıram. İntiqam intiqam üstündən alıram. Yenə də alacağam, çünki Atabəy Məhəmməd mənə verdiyi qəlbini alıb, başqasına verdi. O, öz gözəli ilə nəşələndiyi gecələr mən dizlərimi qucaqlayıb ağlayırdım. Hazırda mənim yanımda oturan hökmdar da mənim məqsədimi bu gün-sabah təxirə salır, lakin o bunu davam etdirə bilməyəcəkdir. Çünki artıq ölüm ona çox yaxındır”. Musiqi çalınır, rəqqasələr rəqs edirdi. Ziyafətdə hər şey və hər kəs var idi. Görünməyən şey səmimiyyət, iştirak etməyənlər isə azərbaycanlılar idi. Qətibə Təbrizə gəldiyi gündən vəliəhd Azərbaycan səyahəti bəhanəsilə Təbrizdən çıxmışdı, Qütlüğ İnancın gəlməsi münasibətilə veriləcək ziyafətə dəvət olunduğuna baxmayaraq ziyafətə gəlməmişdi, çünki o, Qətibəni görmək istəmirdi. Atabəy Məhəmmədin qəfildən baş verən ölümü haqqında buraxılan şayiələr vəliəhdin Qətibəyə olan etimadını qırmışdı. Qızıl Arslan Qətibə haqqındakı fikirlərini vəliəhdə izah etsə belə, o yenə də bu fikirlər ilə hesablaşmaq istəmirdi. Ziyafət dörd gün davam etdi. Lakin Qətibə macərasız oturmağı bacarmırdı. O, Hüsaməddindən də ümidini kəsməmişdi, onu lazım olduğu zaman Qızıl Arslana qarşı istifadə etməyə hazırlaşırdı. Qızıl Arslan Qütlüğ İnancı vəliəhd təyin etməz və izdivac məsələsinə əncam verməzsə, Qətibə onu Hüsaməddinin vasitəsi ilə məhv etməyi qərara almışdır. Buna görə də Hüsaməddinin Təbrizə gəldiyinin beşinci günü Hüsaməddini öz hüzuruna dəvət elədi. Hüsaməddin öz mənzil etdiyi binadan çıxıb Qətibənin yanına gedərkən, ona demək istədiyi sözləri əzbərləyirdi: “Adı mələkə olan bir qadında vəfa və mürüvvət olmazmı? Sən nə üçün mənim həyatımla oynayırsan? Səni öz sevdiyin oğluna and verirəm, mənim yaxamdan əl çək. Nə üçün məni bu qədər tarixi cinayətlərə cəlb edirsən? Mən bütün ömrümdə sənə və sənin əcdadına, ata və anana qarşı bir hörmətsizlik etmişəmmi? Məni hansı bir günahım səbəbinə cəzalandırırsan?”. Hüsaməddin bu sözləri təkrar-təkrar əzbərləyə-əzbərləyə Qətibənin otağına daxil oldu. Qətibə isə Hüsaməddinin dalınca cariyəsini göndərdikdən sonra, Hüsaməddinlə birinci görüşündə, yəni, qızlıq vaxtında geydiyi libasları geyib, otaqda o tərəf-bu tərəfə gəzirdi. Hüsaməddin Qətibəni gördüyü anda demək istədiyi sözləri tamamilə unutdu və qəlbi dərhal keçmişlərə və gəncliyə qayıtdı. Sanki onun qarşısında 42 yaşlı Qətibə yox, iyirmi yaşlarında gənc və yetişmiş bir qız durmuşdu. Hüsaməddin baş endirib durdu, Qətibə isə qara və məhzun baxışlı gözlərini ona tərəf çevirib: – Otur, otur mənim ruhum! – dedi. Hüsaməddin “mənim ruhum” kəlməsindən diksindi və təkan yedi. O, Qətibə ilə Həmədanda, Muradbəy dərəsində Köşkbaği-müəzzəmdə və Eldəniz Rübatında keçirdiyi nəşəli gecələri bir daha xatırına gətirdi. Danışmırdı, ayaq üstündə durub Qətibənin çöhrəsinə baxırdı, sanki onun çöhrəsindən bir utancaqlıq duyulurdu. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. Hüsaməddin öz qəlbində deyirdi: “Heç şübhə yoxdur ki, bu saat Qətibədə mənim lehimə olaraq qəti bir dönüş əmələ gəlmişdir. O, utanır, çöhrəsindən həya təri tökülür. Gözəl qadının utanan və tərləyən çöhrəsinə baxmaqda da qəribə bir aləm vardır. İnadlıdır, hiyləgərdir, işvəkardır, iradəlidir, lakin qadındır. Hər şeydən sonra onlarda kişiyə təslim olmaq xüsusiyyəti vardır. Qətibə bu təzə rolunu çox böyük bir sənətkarlıqla oynayırdı. O, otağı həyəcanla dolaşdığı zaman bahar buludu kimi dolmuşdu, yavaş-yavaş qara bulud kimi suya dolan göz bəbəklərindən qızıl güldən daha incə olan yanaqlarına şəbnəm damcılayırdı. O damcıların hər birisi Hüsaməddinin qəlbində alovlanmağa başlayan intiqam odlarını söndürürdü. Artıq Hüsaməddinin ona yazığı gəlir və öz qəlbində deyirdi: “Bədbəxt, yazıq qadın! Ömründə xoş bir gün görmədi. Bütün gəncliyi həqarətlər, ixtilaf və kədərlər içərisində məhv oldu. Şairi sevdi, rədd olundu, təhqir olundu. İstəmədiyi bir adama ərə verdilər, qızlıq şərəfini alaraq gözdən saldı, başqasına evləndi. İndi nə etsin? Kimi dinləsin? Kimə inansın? İndi hər kəs bunu öz məqsədi üçün istifadə etməyə çalışır. Yazıq qadınlar! İxtiyarları öz əllərində deyil. Hər kəsin sərvəti var, qüvvəti və şirin dili varsa bunları aldadır, məcbur edir, nəhayət, bir əsir kimi qoynuna salır, sevgisinə, istiqlalına ölüm zərbəsi vurur. Yazıq qadın! Sənin şəxsi şərəfin, mənliyin və istiqlaliyyətin yoxdur. Sənin arzun yoxdur. Sən kişinin arzu və əməllərinə boyun əyməlisən. Ağla, yazıq qadın, ağla! Çünki sən ancaq bu ixtiyara maliksən! Yazıq Qətibə! Toğruldan yaxanı qurtaran kimi, Qızıl Arslanın pəncəsinə düşdün. Gözəlsən, nə edəcəksən? Bəzən gözəllik də qadının xoşbəxtlik və azadlığını əlindən alır. Hərgah sən Qətibə, Qızıl Arslandan yaxa qurtarmağı arzu edirsən, mən sənə kömək edərəm, çünki bir zalımı məhv etmək hər bir vicdanın müqəddəs vəzifəsidir”. Qətibə yaxına gəlib əlini Hüsaməddinin çiyninə qoyaraq məhzun bir surətdə dedi: – Mənim ruhum! Bizi bir-birimizdən ayırdılar. Mən aciz bir qadın olduğum üçün buna qarşı nə edə bilərdim?.. Lakin sən istəsən bu ayrılıq o qədər də uzun çəkməz. Mənim ruhum! Qızıl Arslanın məni Həmədandan Təbrizə nə məqsədlə gətirdiyini bilməmiş deyilsən. Lakin mən sənin namus və şərəfini satan qadınlardan deyiləm. Onun qarşısında böyük ordular baş endirir, tək bir Qətibə onun əmrlərinə təslim olmaya bilərdimi? Sənə and içirəm, əmin ol. O məni öz qolları arasında görməyəcəkdir. Sən mənim Qızıl Arslanla Təbrizə gəldiyimi öz şərəfinə həqarət hesab edib məni atsan da, mən yenə də səni atmayacağam. İnan mənə, sənin dediyin söz xəyalımdan çıxmamışdır: mən sənin olmasam da, heç kəsin də olmayacağam! Həyat belədir, mənim ruhum! Sən mənim həyatımı əvvəlindən axırına qədər bilirsən. Mənim bədbəxtliyim o şairi sevdiyim gündən başlandı. O gündən başlayaraq mən təhqir olunuram. Sən bilirsən ki, mən Atabəy Məhəmmədə öz qızlıq cəvahirimi verdim, lakin o məni təhqir etdi, mənim üstümə evləndi. Onun qardaşı Toğrul isə mənə sahiblənmək üçün başıma nələr gətirmədi?! Yaxamı onun əlindən qurtarmamış onun qardaşının əlinə düşdüm. Hərgah sən bunları özünə qarşı mənim tərəfimdən baş vermiş bir xəyanət hesab edirsənsə, mən səni təqsirləndirmirəm. Çünki sən kişisən, həm də bir qəhrəmansan, sən qısqanmalısan, əlbəttə sevgi olan yerdə qısqanmaq da olacaqdır. Mən elə zənn edirəm, mənə sənin kimi bir adamın köməyi olmadan bu fələkətdən qurtara bilməyəcəyəm. Hüsaməddin bir az düşünərək: – Doğru deyirsən, mələkə! – dedi. Qətibə isə yenə də Hüsaməddinin qəlbindəki ləkələri gözünün yaşı ilə silib təmizləməyə başladı, nəhayət, Hüsaməddin: – Ağlama mələkə! Hüsaməddin sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır. Eybi yoxdur, mən sizin səadətiniz uğrunda iqbalımı bir daha sınaram. Ümid edirəm ki, siz mənim xidmətlərimi unutmazsınız. Mən də sizin kimi bir bədbəxtəm. Mən də iyirmi beş ildən bəri bir arzunun əsiriyəm. Kim bilir, bəlkə də bizim qismətimiz belə imiş. Qətibə ona yaxınlaşdı və yavaşdan dedi: – Sən ona inan ki, Qızıl Arslan mənə yaxınlaşdıqca ölümə yaxınlaşır. İndi biz hər bir təşəbbüsü həyata keçirə bilərik. Ancaq fürsəti gözləmək lazımdır. Mənim ruhum, bu dodaqlar sənindir. Qətibə bunu dedikdən sonra dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddin isə qollarını açıb Qətibəni qucaqlarkən bu sözləri eşitdi: – Dalısı sonra... * * * Kəhran qalası Qızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi: Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər. Bu xəbərlər Savə şəhərində oturub Qızıl Arslana qarşı təzə qüvvələr hazırlamaqda olan Toğrulun da qulağına çatmışdı. O bu xəbərləri özü üçün Allah tərəfindən göndərilən bir müvəffəqiyyət kimi sanırdı. Nəhayət, bu şayiələr Toğrulca bir həqiqət şəklinə girdi. O, Fəxrəddin və Seyid Əlaəddindən bu məzmunda çox uzun bir məktub aldı: “Əlahəzrətə. Sizə məlumdur ki, biz öz mərtəbəmizi ucaltmaq üçün çalışmırdıq. Bizim bütün səy və təlaşımız bu xanədanın taxt-tacını qorumaq və onun şan-şöhrətini ucaltmaq üçün idi. Biz iyirmi ildən bəri böyük orduların rəhbərliyində olduğumuza baxmayaraq daima özümüzü məmləkətin adi bir əsgəri kimi aparmışıq. Biz əsgərlikdə çalışıb, bu sənətlə pərvəriş tapmışıq. Heç şübhə yoxdur ki, son zamanlar bizim Qızıl Arslan ordusunda çalışmağımız nəticəsində əlahəzrətin xatir-şərəflərinə kədər varid etmişdir. Buna görədir ki, əlahəzrət Həmədanda olduğu zaman bu həqir nökərlərinə iltifat nəzərilə baxmaq istəməmişdi. Bizim ikimiz şahanə nəzərinizdən məhrum olduğumuz üçün, vəzifəmizdən də götürülmüşdük. Bunları nəzərə almaq istəmirik. Çünki son hadisələr səmimi nökərləriniz üçün ibrət dərsi oldu; çünki hazırda biz, məmləkət və xanədan uğrunda çəkilən zəhmətlərin tamamilə hədər getdiyini görürük. Əlahəzrətin özünə məlum olduğu üzrə, Qızıl Arslanın Qətibəyə evlonmək şayiələri həqiqət şəklinə keçməyə başlayır. Bu hadisə yalnız iki nəfər əsgərin deyil, cyni zamanda bütün Azərbaycan xalqının nifrətinə səbəb olmuşdur. Çünki Qətibənin kim olduğu əlahəzrətin özünə məlum olduğu kimi, bütün məmləkətin xalqına da məlumdur. Biz səmimi nökərlər əlahəzrətin taxt-tacına and içirik ki, bizdə heç bir riyakarlıq yoxdur. Biz sizi Həmədanda olan Azərbaycan qoşunları barəsində əmin edirik. Qızıl Arslan əvvəlki yolunu davam etdirsəydi, biz heç bir zaman onun ətəyini buraxmazdıq. Lakin onun Qətibə ilə olan əlaqəsi göstərdi ki, o, artıq öz həqiqi yolunu azdırdı. O, bu hərəkətilə məmləkəti uçuruma doğru sürükləyə bilər. Qızıl Arslan bizim qılınclarımız, qanlarımız nəticəsində qazanılan qələbələri ikiüzlü bir qadına uduzdu. Bu səbəblərə görə əlahəzrətin nökərləri də öz yolunu dəyişdi. Hərgah əlahəzrət Həmədan şəhərinə qayıtmaq və öz taxt-tacına sahib olmaq istəyirsə, biz canımız və qanımızla ona kömək etməyə hazırıq. Əlahəzrət çox gözəlcəsinə bilir ki, azərbaycanlıların qılınclar hər kimin arxasında parlasa, qələbə də onun önündə baş endirəcəkdir. Hazırda paytaxt bizim əlimizdədir, onun Təbriz şəhəri ilə heç bir əlaqəsi yoxdur. Qızıl Arslan tərəfindən təyin edilən ali mənsəbli adamları və onun vəziri Şəmsəddini əsir götürüb həbsxanaya atmışıq. Hər şey hazırdır. Əlahəzrətin təşrifinin intizarındayıq. Hazırda Həmədan şəhəri öz səlahiyyətli və böyük hökmdarını saxlamaq üçün başına əyməkdədir. Əlahəzrət təşrif gətirəcəyi günü vaxt ikən bildirməlidir. İstiqbal təntənəsi üçün lazım olan hazırlıqlar bitməkdədir. Sizə Həmədanda olan minlərcə fədakar nökərlərinizin salamını göndəririk. Fəxrəddin Əlaəddin!” Bu məktub Toğrula göndəriləndən sonra Həmədanda həbslər başlandı. Qızıl Arslanla əlaqədə olanların hamısı həbs olundu. Qoşun böyükləri şəhəri gəzib müəyyən siyahılar üzrə yüzlərcə adamları evindən çıxarıb həbsxanalara doldururdu. Qızıl Arslanın vəziri Şəmsəddin, yaşadığı evdə həbsə alınaraq ətrafına bir dəstə gözətçi qoyuldu. Qızıl Arslanın düşmənləri toy-bayram edirdi. Bağlardan, bağçalardan və evlərdən musiqi, xanəndə səsləri ucalırdı. Eyni zamanda, Qızıl Arslan tərəfindən asılanlar üçün də təziyə saxlanırdı. Musiqi nəğmələri ilə bərabər küçələrdə Quran ayələri və fatehə səsləri də eşitmək olurdu. Təziyədən çıxanlar əllərinə həna yaxıb qızartmışdı. Onlar küçələrdə bir-birlərini gördüyü zaman görüşür, öpüşür və təbrik edirdilər. Bazarlar və meydanlardakı xalqın danışıqları bir mövzu və bir məzmunda idi: – Xudavənd-aləmin barmağı yoxdur ki, insanın gözünə soxsun. Bu möcüzədir. Xudavənd-aləm onun nökərlərini öz üstünə qaldırdı. – Eybi nədir. Qızıl Arslanın dara çəkdirdiyi qırx beş adamın əvəzinə dörd yüzünü dar ağacına qaldıracağıq. Qoyun hələ əlahəzrət təşrif gətirsin! Bunları cəza vermək lazım olduğunu özü bilər. – Özüm dar ağaclarını saydım. Yüzə qədər dar ağacı qurumuşdur. – Hələ o azdır. Görərsən nə qiyamət olacaqdır!.. – Elədir. Məncə cəzalanmalı adamların sayı mindən artıqdır. – Afərin Fəxrəddinə. Qəhrəmandır. İslam dininin kəskin qılıncıdır. Həmədan xalqının intiqamını alır. – Qızıl Arslanı Qızıl Arslan eləyən bunlar deyildimi? Bu mövzulu söhbətlər paytaxtda bir həftədən bəri davam edirdi. Qızıl Arslanın cəzasından qaçanlar dəstə-dəstə şəhərə qayıdırdı, şəhərin uzaq hissələrində gizlənənlər öz evlərinə gəlirdi. Toğrulun əyan və vəzirlərindən sağ qalanları şəhərə gəlir və öz işinə başlayırdı. Fəxrəddin və Əlaəddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı: “Həmədan xalqı! Xudavənd-aləmin köməyi və xəlifəyi-rui-zəminin mənəvi nüfuzu sayəsində məmləkət yenə də öz həqiqi sahibinin əlinə çatdı. Şəhərdə asayiş və əmniyyəti pozmaq və istədiyi adamlar üzərində şəxsi mühakimə qurmaq istəyənlər olduğu yerində cəzalanacaqdır. Müqəssirlərin cəzalanması əlahəzrətin fərmanı ilə xüsusi bir mühakimə heyəti tərəfindən həyata keçiriləcəkdir”. Bu bəyannamədən sonra məscid və minbərlərdə Qızıl Arslan və onun tərəfdarlarına lənət oxuyurdular. Camelərdən “amin-amin” səsləri hər saat və hər dəqiqə eşidilirdi. Vaizlər və xatiblər minbərlərdə Toğrulun adına xütbə oxuduqlara zaman yenə də “əssultanül adil və bazil” deyə-deyə dua edirdilər. Küçə dilənçiləri də əhalidən ehsan istədiyi zaman onları Toğrulun canına and verirdilər. Toğrul sarayı tovuz quşu kimi bəzənmişdi. Xidmətçilər, kənizlər, cariyələr hamısı öz yerində idi. Rəqqasələr, mütrüblər, saqilər hamısı hazır idi. Mütrüblər təzə kəmərçinlər geyir, saqilər piyalələri hazırlayır, rəqqasələr zinətlərini üstlərinə tökürdülər. İsfahanın yaşıl ipəklə sarılmış şərab şişələri açılıb rətllərə tökülür, cariyələr isə saçlarını Reydən göndərilmiş yasəmən ətirlərində çimdirirdilər. Hökmdarın xüsusi cariyəsi Müsəffa xanım bədənini süd içərisində yıxayırdı. Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər. Toğrulun sevdiyi cücələri tapmaq mümkün deyildi. Toğrul qaçdığı gündən onlar da namələm bir tərəfə qaçmışdı. Nəhayət, onların şəhər ətrafındakı qoşa hamamların küldanında gecələdikləri məlum oldu, onları da tapıb gətirdilər. Toğrulun xanəndələri hökmdarın şəhvət və nəşəsini coşdura biləcək təzə qəzəl və rübailər öyrənirdilər. Saraya məxsus olan hər şey gətirilib yerinə qoyulmuşdu, yalnız fil sümüyündün düzəlmiş və cavahiratla bəzənmiş qızıl payəli taxt yerində deyildi, çünki onu Qızıl Arslan Təbrizə göndərmişdi. Buna görə də təcili olaraq əlahəzrət üçün təzə bir taxt hazır edilmişdi. Əlahəzrətin qafiləsini Həmədanın səkkiz mil məsafəsində olan Fəxrabad çəmənində qarşıladılar. Qafilə bu uzun məsafəni Azərbaycan atlıları tərəfindən düzəlmiş polad hasarın içərisindən keçib, salavat və salam səslərinin tərənnümləri altında irəliləyirdi. Əlahəzrətin oturduğu taxt-rəvanın ətrafında minlərcə xətiblər ruhanilər və əyanlar piyada gedirdi. Axşam qaranlıq düşdüyü zaman Toğrul öz oğlu Məlikşah ilə bərabər, aylardan bəri ayrıldığı sarayına daxil oldu. Hamıdan əvvəl Fəxrəddin və Seyid Əlaəddin Toğrula təqdim olundu. Fəxrəddin baş endirib paytaxtın vəziyyəti haqqında belə məlumat verdi: – Əlahəzrətin düşmənləri siyahı üzrə həbsə alınmışdır. Qızıl Arslanın vəziri Şəmsəddin öz evində həbsə alınmışdır. Əhalinin intiqam hissləri coşduğundan onu evindən çıxarıb həbsxanaya aparmaq mümkün olmadı. Əlahəzrətin tərəfdarları tamamilə şəhərə qayıdıbdır. Onların hamısı öz sabiq vəzifələrinə təyin olunmuş və rahətləri təmin edilmişdir. Şəhər tamamilə asayiş və əmniyyət içindədir. Azərbaycan qoşunu əlahəzrətə göstərəcəyi sədaqət üçün and içməyə hazırdır. Onların hamısı silah başındadır. Əlahəzrətin əmrinə müntəzirdir. Toğrul sanki yuxu görürdü. Qızıl Arslana bir çox qələbələr qazandıran iki məşhur qəhrəman onun hüzurunda durub öz sədaqətini elan edirdi. Şübhəsiz ki, o şadlığından özünü elə ala bilməyəcək və ağlayacaq idi. Toğrul çox yorğun idi, bu yorğunluq ona təzə əmrlər vermək üçün imkan vermirdi. Bu səbəbdən də çox qısa cümlələrlə bəzi göstərişlər verib dedi: – Həbsə alınanları diqqətlə mühafizə edərsiniz. Mən onların siyahısını gözdən keçirəndən sonra cəzalanmaları üçün əmr sadir edəcəyəm. Sabah günorta zamanı üçün rəsm-keçid təyin edərsiniz. Qoşunun və əyanların andını qəbul edəcəyəm. Rəsm-keçid bitəndən sonra Qızıl Arslanın vəziri Şəmsəddini rəsm-keçid meydanına gətirib xalqın gözünün qabağında dara çəkdirərsiniz. İndi gedə bilərsiniz, xidmətinizdən məmnun və məhzuz oldum. Fəxrəddin və Seyid Əlaəddin baş endirib Toğrulun divanxana otağından çıxdılar. * * * Gün çıxandan saat 12-yə qədər Qarabağ və Aranın qaşqa atlarına minmiş azərbaycanlılar, öz qışlarından çıxıb atlarını Atabəy meydanına tərəf məhmizləyirdilər. Əyinlərinə dəmir geyim geymiş sərkərdələr öz dəstələri ilə bərabər küçələrə çıxmışdılar. Lakin Azərbaycan qoşun dəstələri bəndləri kəsib heç bir kəsi Atabəy meydanına buraxmırdılar. Toğrul tərəfdarları olan əyanlar, ziyalılar və ruhanilər üçün rəsm-keçid meydanının bir tərəfində xüsusi yerlər hazırlanmışdı. Meydanın hər tərəfi Azərbaycan qoşununun əlində idi. Hətta ətraf küçələrdən belə bir kimsənin keçib-getməsinə imkan verilməmişdi. Toğrul sarayından Atabəy meydanına qədər gələn uzun küçələrin hər tərəfində iki dəstə Azərbaycan qoşunu hasar çəkmişdi. Toğrulun öz oğlu və vəliəhdi Məlikşah ilə bərabər saray qapısından çıxaraq rəsm-keçid meydanına gəlmək istədiyini təbillər və kərənaylar əhaliyə xəbər verdi. Bir anda iyirmi mindən artıq Azərbaycan qoşunu qılınclarını çəkib çiyninə qoydu. Əlahəzrət valahəzrət vəliəhd ilə bərabər rəsm-keçid meydanına daxil olan kimi meydandan salam və yaşasın səsləri ucaldı. Fəxrəddinlə Əlaəddin qabaqda, dallarınca da qoşun sərkərdələri atlarını məhmizləyib qılınclarını qınlarından çıxardılar və sədaqət andı içmək məqsədilə əlahəzrətə yaxınlaşdılar. Atlılar əlahəzrəti aralığa alandan sonra Fəxrəddin atını irəli məhmizləyərək onu çiyindən yaraladı və oğlu Məlikşah ilə bərabər əsir götürdü. Bu hadisə baş verəndən bir neçə dəqiqə sonra Toğrul tərəfdarı olan əyan, ziyalı və ruhanilərin qolları bağlanıb Atabəy sarayının zirzəmilərinə sürülmüşdü. Şəhərin Atabəy meydanında nələr olduğundan xəbər yox idi. Axşam qaranlığı düşdüyü zaman, həbsxanaların qapısını açdılar, müəyyən bir məqsədi həyata keçirmək üçün həbsə alınan Qızıl Arslan tərəfdarları azad olundu. Toğrul tərəfdarları paytaxtdan tamamilə təmizləndi, əvvəlki həbsdən qurtarıb gizlənənlər bu dəfə son nəfərinədək ələ keçirilib həbsə alındı. Eyni zamanda Toğrulun yarasını sağaltmaq üçün həkimlər dəvət olundu. Bu hadisədən bir saat sonra Qızıl Arslanın vəziri Şəmsəddin təcili çaparla Təbrizə belə bir məktub göndərdi: “Əlahəzrət! Göstərişlərinizə əməl edildi. Fəxrəddin və Əlaəddin hadisəni çox müvəffəqiyyətlə təşkil etdilər. Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. Oğlu Məlikşah ilə bərabər Toğrul sarayında həbs olunmuşdur. Əlahəzrətin mühakiməsindən qaçanlar son nəfərinə qədər ələ keçirilmişdir. Həbsdə olanların sayı beş yüz nəfərdən artıqdır. Paytaxtda sakitlikdir. Əlahəzrətin əmrinə müntəzirik”. Qızıl Arslan Şəmsəddinin məktubunu alan kimi təcili surətdə Şimali Azərbaycana qasid göndərib vəliəhdi Təbrizə çağırdı və bir həftədən sonra hazırlıq görüb az bir miqdar qoşunla Həmədana tərəf yola düşdü. Vaxt ikən verilən əmrə görə məmləkətin hər tərəfindən Həmədana nümayəndələr dəvət edilmişdi. Qızıl Arslan Həmədana gələndən bir gün sonra məmləkətə təzə padşah təyin etmək üçün müşavirə iclas çağırıldı. Qızıl Asrlan müşavirədə çıxışda bulunaraq dedi: “Mən öz paytaxtımı Təbrizdən Həmədana köçürməyəcəyəm. Bu təşəbbüs məmləkətin gələcəyi üçün olduqca zərərlidir. Çünki hökümətimiz Azərbaycan hökumətidir. Lakin Həmədanın əhəmiyyəti də nəzərdən kənar tutulmamalıdır. Çünki burası Bağdadın qapısıdır. Buna görə də mən padşahlığa Süleyman şahın oğlu Sənceri təklif edirəm”. Müşavirədə iştirak edənlərin hamısı bu təklifə etiraz etdi, onlar bir səslə padşahlığa Qızıl Arslanın təyin edilməsini təklif elədilər. Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. Bu fikri iraqlılar da təqdir edirdi, çünki onlar Qızıl Arslanı, o, Təbrizdə olduqca məhv edə bilməyəcəkdilər. Onu daima azərbaycanlılar müdafiə edəcək və qalib çıxaracaqdılar. Buna görə də xəlifə onu Bağdadın qapısına gətirməyi və lazımi vaxtında edam etdirməyi düşürdü. Xəlifə, Qətibənin Qızıl Arslan əleyhinə düzəltmək istədiyi təzə macəranı bilməmiş deyildi. Qızıl Arslan da məsələnin bu tərəfini çox aydın bir surətdə anlayırdı. Lakin buna baxmayaraq əksəriyyətin qərarından boyun qaçırmaq istəmədi və Azərbaycan, İraq, Fars və Rey taxt-tacını qəbul etdi. Məmləkətlərə qasidlər, fərmanlar göndərilib Qızıl Arslanın padşahlığı xəbər verildi. Qızıl Arslan iki gündən sonra qardaşı Toğrula yoluxmaq üçün Toğrul sarayına getdi. Qızıl Arslan Toğrulun otağına girdiyi zaman Toğrul pəncərənin arasında oturub oğlu Məlikşaha Nizami şerinin məzmununu oxuyub deyirdi: “Qalx, bu günlərə vida elə, dünya bir tələdir, o sənin ətəklərinə ilişmişdir. Bacardıqca bu tələni özündən rədd etməyə çalış. Özün üçün elə bir məmləkət düzəlt ki, hazırda yaşadığın məmləkətdən rahat və yaxşı olsun. Çalışıb bir yaxşı hücrə tapıb qapısını aç. Pəhrizkar ürəklər bu qara torpaqdan nə üçün durulmuş və təmiz su axtarırlar... Üstündən ağır geyimi at! Yüngül paltar geyin, çünki yüngül libas geyənlər mənzil başına daha tez çata bilərlər. Madam ki, sən bir parça tələdən ibarət olan dünyaya bağlısan, o zaman quyuya düşməmək üçün ayıq olmalısan. Bu dünya bir-birinə bağlanmış olan mim hərfinə bənzər, bunu iki tərəfə bölmək yaramaz. Burada qədəm qoyduğun yeri öyrənməlisən. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy! Məncə bu sel yumuş otağa əlavə bir qapı açmaq lazımdır. O zaman lazımi vaxtda çıxıb qaçmaq o qədər çətin olmaz. İnsan gərək tülküdən də dərs alsın. O, öz heyvanlığı ilə heç bir zaman bir deşiyi olan yuvada yaşamaz, onun yuvasında iki deşik olmalıdır. O, köpəyin səsini eşidəndən bəri daima iki deşikli yuvada yaşayar. İş görmək nəzər sahiblərinə yaraşır. Xəbərsizlərin, ruzigarın törətdiyi hadisələrdən nə qəmi ola bilər?! Bir daha sərxoş olub yatma, çünki sənin pusqunda duranlar vardır. Bu ruzigar sənin qatı düşmənidir. Onun dostluğundan əl çək! Bu yolda mənəmlik edən hər kəs sənin və mənim əleyhimə yol vuranlıq vəzifələrini bitirir”. Toğrul Qızıl Arslanı görən kimi kağızı əlindən yerə buraxıb, acıqla Qızıl Arslana baxıb dedi: – İndi ürəyin təskinlik tapdımı? Bütün ömrümdə mənə rahatlıq vermədiyin bəs olmadımı? İndi məni nökərlərin vasitəsilə təhqir etdirib həbsə aldırdın. Qızıl Arslan da Toğrulun cavabında: – Qardaşım, yaxşı düşün, bir tək sənin əsirliyin milyonlarca xalqın azadlığıdır, – dedikdə, Toğrul onun üzünə istehza ilə baxaraq əlavə etdi: – Mən əsirlik ilə qurtardım, lakin sən ölüm ilə qurtaracaqsan. Çünki sən ölümə evlənmək üçün hazırlanırsan. – Sən bu fikirləri başından həmişəlik çıxar! Mən ona evlənməyəcəyəm. Mən bir fitnəçini, bir də avam və yazığı bir-birindən ayırmaq üçün Qətibəni Təbrizə aparmışam. İndi, de görüm, nəyə ehtiyacın vardır? – Mənim ehtiyacımı təmin edən şeylərin hamısı sənin özünə lazımdır. – Padşahlıq sənə haramdır, çünki sən xalqı və məmləkəti idarə edə bilmədin. Yaxşı çoban deyilsən, qoyunları qurdların arasında paylaşdırmağa başladın, qapını açıb oğruları içəri buraxdın. Öz yaşadığın evi qonşulara bağışlamaq istədin. İnəyi özgəyə sağdırmağı düşündün. Buna görə də səni çobanlıqdan, bağbanlıqdan və xanə sahibliyindən götürdülər. – Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur. Lakin hazırda nə at var, nə də pəhləvan qalır. Sən də bu yəhərin üstündə bir az otur. Lakin tezliklə düşəcəksən. Bunların hamısı keçib gedər, sən də keçib gedəcəksən. Lakin nə qədər ki, hökumət sənin əlindədir, mənim ailəmin rahatını pozma, onların heç bir təqsiri yoxdur. Qızıl Arslan onun üzündən öpdü: – Anamın oğlu, o barədə heç də düşünmə. Sənin ailən Eldəniz xanədanının ailəsinin möhtərəm nəfərləridir. Onların rahatını ancaq sənin özün pozurdun. Səninlə son dəfə görüşmək üçün gəldim. Sən mənim anamın oğlusan, elə düşünmə ki, mən padşahlıq üçün səni incitdim. Bütün ömrümdə səni bu gündə görməkdən də ağır və acı dəqiqələr olmamışdır. Lakin buna məcbur idim. Hazırda səni və oğlun Məlikşahı Kəhran qalasına köçürməyə əmr vermişəm. Rahatlığımızın təmin olunması üçün orada hər bir hazırlıq görülmüşdür. İndi də görüm yaran necədir? Toğrul qəmgin və ümidsiz bir vəziyyətlə cavab verdi: – Yaralar sağalar, sağalmayan yaralar başqa yaradır. – O fikirlərin hamısını bir tərəfə buraxıb öz rahatlığına çalış, sənin və mənim yeganə bir vəzifəmiz vardır ki, o da bundan ibarətdir: Qoy Azərbaycan xalqı gələcəkdə bizi satqınlıqda töhmətləndirməsin. Qoy xalq deməsin ki, Eldəniz xanədanı bizi həm özü soydu, həm də başqalarına soydurdu. Sən gələcəyin bu lənətlərini qazandın. Elə bilmə ki, sənin bu tarixi bədbəxtliyin məni acışdırmır. Mən səni cəzalandırmadığım üçün tarixi bir xəyanət edirəm, çünki səni xalqın mühakiməsinə verməli idim. Sən öz günahlarını xatırlayıb onları vicdan tərəzisinə qoysaydın, öz əlinlə kəndiri götürüb öz boğazına salardın. Sən şöhrət və mərtəbə əsiri olan əxlaqsız bir qadınla birləşib öz qardaşını, Atabəy Məhəmməd kimi Şərqin məşhur bir şəxsiyyətini öldürdün. Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın. Bu sözlərdən sonra Toğrul heç bir söz demədi, başını aşağı salıb ağladı. Qızıl Arslan da ayağa qalxıb qabaqca Toğrulun, sonra da Məlikşahın üzündən öpüb otaqdan çıxdı. * * * Eşqnamə “O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”. Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi. Azərbaycan xalqı Hüsaməddinə Atabəy Məhəmmədin qatili kimi baxır və onun hökumət işlərində iştirak etməsinə etiraz edirdi. Çünki Hüsaməddin düşmən ordusu ilə bərabər bir neçə dəfə Azərbaycan üzərinə hücum etmişdi. Buna görə də Qətibə bu məsələni aralığa atdığı zaman Qızıl Arslan: – Məmləkət xalqın iradəsilə idarə olunmalıdır, – deyirdi. Günlərin birində Qətibə bu tələbatı bir daha aralığa atdığı zaman Qızıl Arslan qəti surətdə rədd cavabı verib dedi: – Məmləkətin, xalqın səadəti hər nəyi tələb edirsə onu da həyata keçirəcəyəm, hökmdarlığın qanunu nəyi tələb edirsə, ona xalqı da, özümü də, sizi də itaət etməyə məcbur edəcəyəm. Mən heç bir zaman Fəxrəddin kimi bir qəhrəmanı işdən götürüb yerinə Hüsaməddini təyin edə bilmərəm. Bu xəyanəti heç bir zaman həyata keçirə bilməyəcəyəm. Siz bilirsiniz ki, məmləkəti Toğrulun yaratdığı təhlükədən qurtaran Fəxrəddindir. Siz bilirsiniz ki, Fəxrəddinlər olmasaydı, Hüsaməddinlər çoxdan bəri bu məmləkəti satmışdı. Bu taxt və bu tacı indiyə qədər Eldəniz xanədanı əlində saxlatdıran Fəxrəddindir və onun mənsub olduğu böyük xalqdır. Biz azərbaycanlıların məhəbbət və sədaqətləri sayəsində İraq, Rey və Fars məmləkətlərini idarə edirik. Buna görə də mənim yanımda Fəxrəddin əleyhinə danışmaq üçün heç bir kəsə icazə vermirəm. Qızıl Arslanın qəti etirazına baxmayaraq, Qətibə yenə də öz tələbində davam edib deyirdi: – Mən heç bir zaman atamın qatili ilə bir yerdə, bir məmləkətdə və bir şəhərdə yaşaya bilmərəm! Qızıl Arslan Qətibənin cavabında: – Nə etmək olar? Bu hökumət işidir. Məcburi olaraq mən də qardaşımın qatilləri ilə üz-üzə oturmaqdayam, – dediyi zaman Qətibə daha bir söz demədi, o artıq aldandığını və Qızıl Arslanın ona evlənməyəcəyini yəqin etdi. Nəhayət, Qızıl Arslanın vəliəhd təyin etdiyi Əbubəkri və Qızıl Arslanın özünü məhv etmək qərarına gəldi. Çünki bunların hər ikisi məhv olmadan onun oğlu Qütlüğ İnancın hökmdarlığa yetişə biləcəyi mümkün deyildi. Buna görə də o, gənc vəliəhdə məhəbbət və hörmət göstərməyə başladı və öz kiçik bacısı Təliəni bu məqsəd ətrafında istifadə etməyə qərar verdi. Çünki o, gənc vəliəhdin gözəl Təliə ilə maraqlandığını bilirdi. Qətibə vəliəhd yaşayan sarayda yaşadığı üçün onun kiçik bacısı vəliəhd ilə çox tez-tez görüşürdü. Bundan başqa Qətibə özünü gənc vəliəhdə bir doğma ana kimi tanıtmağa və onu sevməyə başlamışdı. O daima gənc vəliəhdin üzündən öpərək: – Ağıllı, fərasətli oğlum, gələcəkdə tac-taxtın möhkəm olması və Eldəniz xanədanının sənin şəxsində davam etməsi üçün anan bütün varlığı ilə çalışacaqdır – deyirdi. Məmləkətin hüdudlarında baş vermiş təhlükələrin təsviyə olunması üçün xanədanımızın bütün üzvlərinin əlbir işləməsi lazım gəlirdi. Mənim Həmədandan Təbrizə yığışmağımın səbəbi budur. Bədbəxt anan artıq öz şəxsi zövqlərini təmin etmək üçün yox, xalqın və xanədanımızın şərəfini təmin etmək üçün yaşamaqdadır. Qətibə Təbrizdə yaşadığı zaman vaxtının bir çoxunu vəliəhdin rahətini təmin işlərinə sərf edirdi. Hər saat onun səhhətini soruşur, sarayının intizamını yoxlayır, xidmətçilərin kimliyi və təmizliyini nəzərdən keçirir, onun yeməklərinin keyfiyyətini təftiş edir və oğlunun qeydinə qalan bir ana kimi hərəkət edirdi. Bu qərarla Qətibə, vəliəhdi öz məhəbbətinə inandırmışdı, oğulluq və analıq münasibətini bərpa edə bilmişdi. Təliə isə daima gənc Əbubəkri gördüyü zaman rəngi qızarır, utanır və gözünün guşəsilə ona baxırdı. Təliə bir çox təsadüflərdə Əbubəkrin ona diqqət verib-vermədiyini də öyrənməyə çalışırdı. Bu hadisə Qətibəni də maraqlandırırdı. İki gəncin bir-birinə daha sıxı olaraq yaxınlaşması Qətibə üçün əsas məqsədi təşkil edirdi. Buna görə də Əbubəkr ilə Təliə bir yerdə olduğu zaman Qətibə bir işi bəhanə edərək, otaqdan çıxır və onları yalqız buraxmağa tələsirdi. Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi. Qətibə həmişəki adət üzrə onları bir yerdə buraxıb çıxdı. Onlar yarım saata qədər sakit oturub qaldılar, bir-birinə deyəcəkləri sözləri çöhrələrinin rəngindən, qaşlarının çatışmasından, dodaqlarının titrəyişindən, göz bəbəklərinin bir mərkəzdə qərar tuta bilməməsindən, boyun damarlarının hərəkətindən və ürək çırpıntılarından oxumaq olurdu. Hər ikisi söhbət üçün mövzu deyil, zəminə axtarırdı, çünki onlar bu günə qədər bir kəlmə də olsa danışmamışdılar. Bir-birlərinə deyəcəkləri sözləri aylardan bəri əzbərləmişdilər. Ortalığa atılacaq arzular böyük həcmli bir eşqnaməni təşkil edirdi. Onlar bu kitabın hansı vərəqindən oxumağı təyin etmək üzərində düşünürdülər. Təliə işsiz oturmuşdu, lakin vəliəhd işsiz deyildi. O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. Onları bir-bir sınaqdan keçirməkdə idi. Lakin kamanların heç birisi onun qolunun qüvvətli qarşısında davam etməyərək əyilir və qırılırdı. O, çox qüvvətli bir gənc idi, atası Cahan pəhləvan və anası Gözəldən mənimsədiyi pəhləvanlıq mirası onu gənc ikən şöhrətləndirmişdi. Buna görə də onlarca kamanı əyib, sındırıb bir tərəfə buraxdı. Təliə bu mənzərəni yoxladığı zaman birdər-birə söhbət üçün zəminə əldə edərək soruşdu: – Deyin görüm, siz hər bir kamanı sındıra bilərsinizmi? Bu sual vəliəhd üçün gözlənilməz bir hadisə kimi idi, o bu sualdan şadlandı, çünki bununla o, aylardan bəri başlamaq istədiyi söhbətlər üçün giriş təşkil edirdi. Bu qədər sevincli sualdan sonra Təliənin qızarmış çöhrəsinə baxıb cavab verdi: – Bəli, mən hər bir kamanı sındıra bilərəm. Lakin hələlik mənim sındıra bilmədiyim başqa bir kaman vardır ki, aylardan bəri onun ətrafında düşünürəm. – Siz onu sındıra bilməyəcəyinizi yəqin bilirsinizmi? – Onu mənim özüm də bilirəm, hətta başqaları da bilir. Təliə bir az düşünərək soruşdu: – Əcəba, bunu hər bir kəs bildiyi halda, mən də üçün bilmirəm? Əbubəkr bu sualın cavabında: – Balaca xanımın özü qüvvətli kamana malik olduğu halda nə üçün də bilməsin? – dedi. Təliənin çöhrəsi qızıl gül yarpağı kimi qızardı. Bu söz ona çox qəribə gəldi. O, bu müəmmadan ibarət olan sözün açarını tapa bilmək üzərində çox düşündü və sualverici bir nəzərlə vəliəhdin üzünə baxıb soruşdu: Malik olduğum hansı bir kamandan danışırsınız? Onu açıq deyə bilməzsinizmi? – Qəlbinizi oxuya bilsəydim, onun nə kimi bir kaman olduğunu deyə bilərdim. – Hərgah mən qəlbimdə olanları özüm sizə oxuyarsam, siz o kamanı mənim üçün izah edə bilərsinizmi? – Mən o kamanı sizə izah edərsəm, başqasına xəbər verməzsiniz ki? – Hərgah söhbət bir şəxsiyyətə aiddirsə, onu başqasına xəbər verməyin nə mənası vardır? – Bacınıza danışmazsınız ki? – Əlbəttə ki, danışmaram. Təliə bu sözü deyəndən sonra başını aşağı dikib daha danışmadı, vəliəhd isə sükutu pozub soruşdu: – Başqasına xəbər verməyəcəyin üçün and içə bilərsənmi? – Mən nəyə and içim ki, vəliəhd inansın? – Sevdiyin əziz bir şeyə and iç! – Sevdiyim şeylər çoxdur, hansı birisinə and içim? – Sevdiyim şeyləri qəlbinin tərəzisində ölç, hansı birisi ağır və qiymətlidirsə ona da and iç! – Siz dediyiniz üsul çox uzun çəkər, çünki insanların sevdiyi şeylər özlərinin arzuları qədər həddsizdir. Xüsusən gəncliyin arzuları göydəki ulduzlar qədər sayılmaz və ölçüyə yerləşməzdir. Elə birisi sizin özünüz, bunu bacara bilərsinizmi? – Mən bunu bacara bilərəm. Mən bir anda bunu təyin edərəm, çünki çox sıxı və səmimi sevdiyim şeylər birinci cərgədə durur. Hazırda Təliə xanım öz sevdiyi şeyləri bir-bir saymış olsaydı, mən dərhal hansı bir şeyi qəlbən sevdiyini ona xəbər verərdim. Hərgah kiçik xanım buna inanmırsa, sevdiklərini saymağa başlasın. Təliə: – Çox gözəl, dinləyin sevdiklərimi sayım. Bacımı çox sevirəm. Çünki mən atamdan sonra doğulmuşam, körpə ikən anam da ölmüşdür, məni bacım böyüdüb tərbiyə etdirmişdir. O həm bacımdır, həm də mənə analıq etmişdir. Bundan sonra Qızıl Arslanı sevirəm, o bizim vəliyül nemətimizdir. Qütlüğ İnancı da sevirəm, o da dünyada mənim bacımın yeganə ümididir. Bir də ki... Təliə sözünü yarımçıq qoydu, utandı, əllərini dizləri üstünə qoyub sakit-sakit baxdı, arabir göz qapaqlarını qaldırıb gözünün guşəsilə vəliəhdə nəzər saldı. Heç şübhə yoxdu ki, o, vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. Buna görə də vəliəhd ona sual verdi: – Haman o, “bir də” dediyin sözün kölgəsində gizlənən ada and içə bilərsənmi? – And içə bilərəm. – Bacına xəbər verməyəcəyin üçün haman ada and içsən, mən də sənin bilmədiyin və mənim də sındıra bilməyəcəyim kamanın nə kimi bir kaman olduğunu sənə deyə bilərəm. – Sizin canınıza and içirəm ki, mən bacıma xəbər verməyəcəyəm. İndi deyin görüm, o qüvvətli qolların gücü düşməyən hansı bir kamandır. Vəliəhd bir az düşünərək: – Gözəl Təliə, dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır, – dedi. Vəliəhdin bu sözlərindən, Təliə bir daha qaşlarını dartaraq Əbubəkrin üzünə əyri-əyri baxdı, çünki o, vəliəhddən belə bir sözü ilk dəfə idi ki, eşidirdi. Xüsusən Qətibənin vəliəhdə tez-tez “oğlum” deməsi də Təliənin vəliəhdin dediyi sözdən səksənməsinə səbəb oldu. Həm də Qətibə onun anası sayıldığı üçün Təliə də onun xalası hesab olunurdu ki, bununla da bacı oğlundan eşq-məhəbbətə dair eşidilən sözlər bir gənc xalanı heyrətə gətirməyə bilməzdi. Buna görə də Təliə utanaraq qalxıb otaqdan çıxmaq istədi, lakin o buna cəsarət etmirdi, o, vəliəhdi tək buraxıb nümayişkaranə bir surətdə getməyin nəzakətsizlik olduğunu zənn edirdi. Tərəddüdlər içərisində idi, qalxıb getsinmi? Otursunmu? Bu barədə bir qərara gələ bilmirdi. Vəliəhdə gəldikdə gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü, Təliəyə elan-eşq etdiyindən peşiman olmuşdu, lakin bu həyəcanı sezdirməyərək, kamanları yerdən götürüb öz gücünü sınayır və ara-sıra gözünün ucu ilə Təliəyə baxırdı. Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq vəliəhdə göz qoyurdu. Artıq o, ən adi bir kamanı belə əyib sındıra bilmirdi. Onun qollarının müqavimətı önündə adi kamanları yox, Təliənin kaman qaşlarını hiss edərək, titrəyir və təslim olurdu. Təliə birdən-birə qalxdı və çıxıb getmək istərkən vəliəhd titrək və yalvarıcı bir səslə onu hayladı. – Kiçik xanım dayan! Mənimlə bərabər bir otaqda olmağı istəmirsənsə, onda otur, mən çıxıb gedə bilərəm. Vəliəhd bu sözü dedikdən sonra yorğun bir baxışla əlindəki kamanı gözdən keçirib yerə atdı, papağını götürüb otaqdan çıxmaq istərkən Təliə onu səslədi: – Dayan, vəliəhd, dayan! Vəliəhd ona yaxınlaşaraq: – Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. Bizim ikimizdən birimiz bu otaqdan çıxmalıyıq, – dedikdə, Təliə onun əlindən tutaraq yalvardı: – Yox, rica edirəm, dayanın! Buradan qəfildən çıxıb getməyiniz, bacımda şübhələr oyandıra bilər. – Bir kəsə deməyəcəyin üçün and içdiyini unutmadın ki? – Sən anda inanırsanmı? – Əlbəttə, hər anda və hər kəsin andına inanmaq olmaz, çünki bəzən andlar yalanları doğrultmaq, bəzən də həqiqəti pərdələmək məqsədlərinə xidmət edir. – Sən özün necə, həqiqəti pərdələmək məqsədilə and içənləri sevirsənmi? – Xeyr gözəl qız, mən həqiqəti pərdələmək üçün and içənləri sevə bilmərəm. – Bəs nə üçün həqiqəti gizləmək üçün bir qızı and içməyə məcbur edirsiniz? Özü də bir məmləkətin vəliəhdinəmi? Söhbət çox uzun çəkdi, vəliəhd önündəki kamanları bir neçə dəfə sınamışdı, Təliəyə gəldikdə öz qəlbində: – “Gedimmi, oturummu?” sözlərini əzbərləyirdi, çöhrəsinin rəngi tez-tez dəyişir, vücudu isə külək qarşısında gənc sərv ağacı kimi titrəməkdə idi. Çünki o, birinci dəfə idi ki, gənc bir oğlanla qarşı-qarşıya gələrək belə bir mövzu üzərində danışırdı. Buna görə də o, hazırı və keçmişi tamamilə unutmuşdu, o, ancaq gələcəyin ucsuz-bucaqsız olan səhralarında yorturdu. Qətibə qəfildən otağa daxil oldu, Təliə özünü ələ almaq istərkən bacarmadı, qorxusundanmı, utandığındanmı həyəcanı bir daha artdı. Qətibə Təliənin üzünə diqqətlə baxırdı, onun bütün görünüşü fikrində bir dəyişiklik yaradıldığını oxuyurdu. Vəliəhdin çöhrəsində də eyni mündəricəni oxumaq mümkün idi. Təliə qupquru quruyub ayaq üstündə durmuşdu, vəliəhd isə Qətibəyə müraciətlə: – Mələkə, mən məşq meydanına getməliyəm, – deyərək otaqdan çıxdı. Təliə olduğu yerində buzlayıb durmuşdu. Qətibənin nə deyəcəyinə müntəzir idi. Nəhayət, Qətibə Təliənin yaxınlığına gəlib saçlarını oxşadı və dedi: – Dünyanın hər işi belədir. Həyatın başlanğıcında daima bir çətinlik vardır. Bəzən o çətinliklər çox uzun bir müddət davam edir. Lakin təzə həyat qurmaq istəyənlər, çətinliyi çox tez və asanlıqla rədd etmək üçün sənətkar olmalıdır. Qızlar da, oğlanlar da öz həyatını qurmaq işində mahir bir sənətkar olmalıdırlar. Hər iş və hər şey belədir. Sənə vəsiyyət edirəm: ağıllı adamlar qələbəni işin axırında yox, başlanğıcında əldə etməlidir. Qələbələr əvvəlcə təmin edilmədən bir müharibəni başlamaq və yainki böyük bir əsəri yaratmağa başlamaq ağılsızlıqdır. Sevgi də, təzə ailə qurmaq işi də bura daxildir. Onları möhkəm bir əsas üzərində qurmağa çalışmaq lazımdır. Sevgi və məhəbbət binasının davamı onun möhkəm bir təməl üzərində qurulmasından asılıdır, çünki bunu mən öz həyatımda da təcrübədən keçirmişəm. Bir qızın səadətini yalnız öz gözəlliyi təmin edə bilməz. Kişi gözləri o qədər şüursuz, o qədər dəlidir ki, o, dünyanın nadir bir gözəlini ən çirkin bir qadınla əvəz edə bilər. Bəzən bacarıqlı çirkin bacarıqsız gözəldən daha xoşbəxt yaşaya bilər. Gözəl bacım! Kişilərlə həyat qurmaq üçün şahmat taxtasının qəhrəmanı olmaq lazım gəlir. Həyat və ailə sənətkarı olmayan bir qızın gözəlliyi bir parça kağız və yaxud bir arşın kətan üzərində çəkilən rəsmdən heç də fərqli deyildir. Qız gözəl olmaqla bərabər bir ovçu qədər də həssas olmalıdır. Kişilərin qadınlar haqqındakı düşüncəsi bir bahar kələbəyinin şüurundan çox da irəli gedə bilməmişdir. Kələbək bir çiçəyin üzərində dayanmağa adət etmədiyi kimi, kişilər də bir qadının eşqində və bir qızın sevgisində əbədi olaraq durmağı sevməzlər, çünki adət və təbiətləri bunun əleyhinədir. Mən yenə də bunları öz həyatımda təcrübədən keçirdim. Qızların və qadınların birinci vəzifəsi kişini öyrənməkdən ibarətdir. Onun zövqünün qadından nə tələb etdiyini, gözəllikdə nəyi və nə kimi xüsusiyyətləri sevdiyini təyin etmək lazımdır. Onlar kişi olsalar da xasiyyətləri bir şıltaqçı qızdan daha qabadır. Buna görə də onları bir ev quşu kimi əhliyyətə almağı və həyata öyrətməyi bacarmalıyıq. Əsas məsələ kişinin mənəmliyini sındırmağı bacarmaqdadır, çünki həyatın doğru yol ilə getməsinə mane törədən əsas cəhət kişinin və qadının inadından ibarətdir. Bunu da mən öz həyatımda təcrübədən keçirdim. Mənim ərimdə hökmdarlığın qətiyyəti, məndə isə qızlığın barışmaz bir inadı var idi, haman inad bu günə qədər mənim həyatımı çeynəməkdədir. Kişinin xasiyyətini, baxışını və düşüncəsini dəyişmək lazımdır. Ona dediyini deyil, sən öz sevdiyini yedirməlisən. Mən həyatımda səhv etdim. Lakin indi-indi düşünürəm ki, qadın, yəni bacarıqlı qadın, kişisinə kişinin libası kimi deyil, kişinin bədəninin dərisi kimi sarılmalı və aşılanmalıdır. Kişini öyrətmək üçün nə qədər vaxt sərf etmək lazımdırsa, iki o qədər də kişini öyrənmək lazımdır. Qızlar gənclərin fikrinə öz rəngini və öz boyasını aşılanmalıdır. Onlar sevdikləri zaman bir körpə qədər şüursuzdurlar. Körpəlikdə isə insana hər bir şeyi öyrətmək mümkündür. Sevgi insan fikrini dəyişmək üçün ən mahir bir müəllim kimidir. Təəssüflər olsun ki, mən bunu gənclik fəslinin sonunda təyin edə bildim. Ailə quruluşunun dərs kitablarını qadının özü yazmalıdır. Mən indi anlayıram ki, qadınlar kişiləri öz bildikləri, öz istədikləri qədər qura bildikləri, öz istədikləri qədər qura bildikdən sonra xoşbəxt həyat qura biləcəkdilər. İndi də sənə sevgidən bir az deməliyəm ki, ağıllı qızın şüurunda məqsəd sevgidən daha irəlidə getməlidir. Sevginin özü müstəqil bir şey deyil, o müəyyən məqsədi tamamlamaq üçün bir vasitədir. Mənim nə dediyimi anla, müəyyən bir məqsədi əldə etmək və müəyyən bir arzuya nail olmaq üçün bir kişi ilə sevgisiz də yaşamaq mümkündür. Mənim özüm də bu baxışla ərə getdim, lakin kişinin varlığını bilmək işində savadsız olduğum üçün nə sevgidən, nə də məqsəddən istifadə edə bilmədim, mən qızlıq zamanında sevgi ilə məqsədin bir-birisini əvəz edə biləcəyini anlamadım. Sevgi insanı bir-birinə bitişdirə biləcək qısa bir dövr üçün lazımdır. O heç bir zaman həmişəlik olmamışdır. Sevgini həmişəlik daşımaq iddiasında olanlar adətlə sevgiyə fərq qoymayanlardır. Çünki sevgi elə təhəmmül edilməyəcək bir şeydir ki, insan ancaq gəncliyin sərxoşluğu dövründə ona təhəmmül edə bilər. Gəncliyin sərxoş günlərini xatırladığım zaman özüm də o tarixə gülürəm. Mən indi-indi bilirəm ki, məqsədsiz sevgi körpə sevgidir. O kimi sevgilərdən qaçmaq lazımdır. Təliə üçün bu söhbətlərin hamısı yabançı idi. Onun qızlıq düşüncəsi Qətibənin dediyi fəlsəfələrdən çox uzaq idi, çünki gəncliyin özünə məxsus bir fəlsəfəsi vardır ki, o da yaşlıların mədəsi və şüuru üçün yabançıdır. Buna görə də Qətibənin ortalığa tökdüyü fikirlər Təliəni heyrətə salmağı bacarmazdı. Qətibə danışdıqca Təliə də fikirli nəzərlərlə Qətibənin üzünə baxırdı, Qətibə bunu dərhal hiss etdi və öz fikrini izah etməyə başladı: – Birdəfəlik iqbalımızı bunların iqbalına aşılamışıq, bu xanədanın bir əldə olması yaxşıdır. Buna görə də vəliəhdin səninlə olan yaxın tanışlığına müəyyən bir şəkil verməlisən. Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... Böyük bacınam, deyə, utanma. Səni körpəlikdən mən tərbiyə etmişəm. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. İndi mənə de görüm vəliəhd ilə nə kimi məsələlər barəsində danışırdınız? Təliə cavab verə bilmədi. O, birinci andını sındırmayacağına qərar vermişdi, lakin Qətibənin sualını cavabsız qoymamaq üçün: – Vəliəhd ilə heç bir məsələ barəsində danışmırdıq, – dedi. Qətibə Təliədə bir sirr gizləndiyini dərhal anladı və bu sirri başqasına xəbər verməmək üçün vəliəhdə söz verdiyini hiss etdi. Lakin buna acığı gəlmədi, çünki Təliənin vəliəhd ilə tanış olub və anlaşması Qətibəni təmin edirdi. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. Qətibə qəlbində danışır və deyirdi: “Bu söhbətləri bir sevgi ilə nəticələndirmək mənim əlimdən çox da çətin deyildir”. Qətibə bir daha Təliəyə müraciət elan etdi: – Sevmək eyib deyil, ixtiyarı vaxtından əvvəl əldən buraxmaq eyibdir. Mən ona göz qoymuşam, o səni sevir, bu məhəbbətlər ögey anaya olan oğulluq məhəbbəti deyil, o məhəbbətlər sənə yaxınlaşmaq üçün yaxın bir yol aramaqdan ibarətdir. Ağlını başında topla, onu tutub bağlayan bir ana məhəbbəti yox, sənin qara və qıvrım saçlarındır. O sənin məhbusundur, sən öz əsirinlə nə kimi rəftar etməyi bacarmalısan. Sənə qəti olaraq tapşırıram, onu bir neçə ay bu vəziyyətdə saxlamaq lazımdır. Bu müddətdə aldığın təcrübələr gələcəkdə sənin üçün əsas bir hərəkət xətti təşkil edəcəkdir. Qətibə bunları sadaladıqca, Təliə də qəlbində vəliəhdin dediyi: “Gözəl Təliə! Dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır” cümləsini əzbərləyir və sakit-sakit baxırdı. O, yenə də qəlbində öz-özünə sual verirdi: “Əcəba, bu cümlənin içərisində bir sevgi ifadəsi vardırmı? Hərgah vardırsa, bu mənim üçün bəsdir. Lakin bilmirəm, nə üçün o, öz sevgisini gizlətməyə çalışır? Nə üçün bacıma xəbər verməmək üçün məni and içməyə məcbur edir?” Təliə qəlbində bir çox dəqiqələr götür-qoy edəndən sonra əlavə etdi: “O nə fikirdə olursa olsun, lakin mən bacımın dediklərinə əməl edə bilməyəcəyəm. Onun fikirləri xoşuma gəlmir, onun nəsihətləri sağlam fikirlərdən doğmuş nəsihətlər deyil. Hərgah vəliəhdin məni sevdiyini bilsəydim, bacımın verdiyi nəsihətlərin hamısını bir tərəfə atıb özüm istədiyim kimi tamamilə başqa bir qadın olmağa çalışardım. Hətta bütün düşündüklərimi vəliəhd ilə məşləhətləşərdim. Mən onu özümdən razı salmaq üçün hər işi bacarardım, nə inad, nə də şıltaqlığa yol verməzdim. * * * Onlar bir-birini sevir. Buna haqlıdırlar. Vəliəhdin də, Təliənin də evlənmək vaxtlarıdır. Bunları birləşdirmək və yainki bir-birlərindən ayırmaq lazımdır. Hərgah hökmdar öz qardaşı oğlunun İnanc ailəsindən qız almasına razılıq verirsə, mən də bundan qəlbən razı qalardım. Çünki bu iki gəncin sevgiləri olduqca saf və səmimidir. Zənn edirəm ki, hökmdarın özü də bu sevgidən xəbərdardır. Buna görə də əlahəzrətin fikrini bilmək istərdim. Hərgah bu iş baş tutmayacaq bir işdirsə, o zaman qızı ayırıb Bağdada göndərmək lazımdır. Çünki ikisinin bir yerdə yaşaması adətə uyğun deyildir. Qızıl Arslan Qətibəni dinləyərək bir az fikrə getdi. O, Qətibənin bu fikrin kölgəsində düzəltmək istədiyi xəyanətdən xəbərdar deyildi. Buna görə Qızıl Arslan bu izdivacın baş tutmasını bir neçə səbəblərdən əlverişli bilirdi. Əvvəla, vəliəhd Qətibənin bacısına evləndiyi zaman, Qətibə öz oğlu Qütlüğü vəliəhd təyin etmək arzularından daşına bilərdi. İkinci səbəb daha mühüm idi. Çünki Qətibə yenidən Eldəniz ailəsinə aşılandığı üçün özünün Qızıl Arslana ərə getmək arzularından daşına bilərdi. Çünki Qətibə hələlik bu ağılsız fikrindən daşınmamışdı, yeri gəldikcə yenə də öz arzularını meydana sürüdü. Qızıl Arslanı bu izdivacdan razı salacaq üçüncü səbəb Təliənin ağıllı, ədəbli, elmli və həddindən artıq gözəl olması idi. Qızıl Arslan Təliənin xasiyyət və tərbiyəcə Qətibəyə bənzəməməsindən olduqca razı idi. Buna görə də Qətibənin fikrinə cavab verərək dedi: – Mən qadınların ruhunu və onların sevgilərinin mündərəcəsini öyrənmək işində çox savadsızam. Rəhmətlik qardaşım deyərdi ki: “Qadının ruhunu öyrənmək üçün ancaq qadın ruhu daşımaq lazımdır”. Buna görə də mələkənin özü yeri gələrkən Təliə xanımın özü ilə danışmalıdır. Onun sevgisinin mahiyyəti və mündərəcəsini öyrənməlidir. Çünki məni bir məsələ çox qorxuludur. Bir yerdə böyümüş oğlanla qazın ailə quruluşu bəzən həmişəlik ola bilmir, belələri çox tez ayrılırlar. Vəliəhd ilə Təliə də çoxdan bəri bir yerdə yaşayırlar. Bilmirəm mələkənin özü bu cəhətləri nəzərə almışdırmı? Siz qızı çox diqqətlə danışdırmalısınız, mən özüm də vəliəhdin fikrini öyrənməliyəm. Qətibə Qızıl Arslanın bu təklifilə razılaşdı. Təliəni çağırıb danışdırmaq üçün Qızıl Arslana söz verdi və Təliəni görmək üçün getdi. Qızıl Arslan da oturub bu məsələ üzərində fikirləşirdi, həm də vəliəhdi gözləyirdi. Çünki vəliəhd Şimali Azərbaycanın vəziyyəti barəsində məlumat məruzəsi vermək üçün hökmdarın hüzuruna gəlməli idi. Vəliəhd Azərbaycandan qayıdandan bəri məmləkətin vəziyyəti haqqında öz fikrini təfsilən danışmamışdı. Bir azdan sonra vəliəhd gəldi, təzim edib Qızıl Arslanın əlini öpdü və geri çəkildi. Qızıl Arslan fikirli bir surətdə vəliəhdin üzünə baxıb: – Oğlum, gəl otur! – dedi. Vəliəhd gəlib özünə məxsus yerində oturdu, hökmdarın əmrini gözlədi. Qızıl Arslan vəliəhdə vermək istədiyi sualları yazıb qarşısına qoymuşdu. Vəliəhd çox həyəcanlı idi, çünki o birinci dəfə məruzə etdiyi üçün qəlbi çırpınır və utanırdı, o, sözlərini haradan başlayıb, harada bitirəcəyini təyin edə bilmirdi. Nəhayət, çox ürək döyüntüsündən sonra Qızıl Arslan vəliəhdə sual verdi. – Şirvan şahlığı ilə olan əlaqə və vəziyyət haqqında məlumat verə bilərsənmi? – Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. Şirvan şahlığını Arandan ayrı olaraq bir hökumət kimi yaşatmaq aralıqda mövcud olan ixtilafı dərinləşdirmək deməkdir. Şirvan, Şimali Azərbaycanın bir hissəsidir. Lakin xalqın adət və ənənəsi Aran xalqının adət və ənənəsindən fərqlidir. Çünki orada həm köhnə İranın, həm də ərəb hökmranlığının qalıqları vardır. Şirvan – Azərbaycandır. Bura başqa ad vermək səhvdir. Şirvan şahlığının hökumət quruluşundakı vərasət məsələsi ləğv olunduğu zaman Şimali Azərbaycanın mərkəzini Şirvana köçürmək və oranı Azərbaycan paytaxtı adlandırmaq mümkündür. Qızıl Arslan vəliəhdin verdiyi cavabdan şadlandı, ayağa qalxıb onun alnından öpdü və: – Elədir oğlum! Fikrin doğrudur, – dedi və əlavə olaraq soruşdu: – Şimali Azərbaycanla Cənubi Azərbaycanın əlaqəsi barəsində nə deyə bilərsən? – Şübhəsizdir ki, bir xalqı iki idarə altında yaşatmaq səhvdir. Əlahəzrət, Şimali Azərbaycan mədəniyyətinin Cənubi Azərbaycana axması üçün geniş bir arx açmalıdır. Cənubi Azərbaycanın mədəniyyəti cənubdan gələn bir mədəniyyət deyildir. Hökmdar çox gözəl bilir ki, bu fikir ərəb və fars nüfuzu təsirinin məhsuludur. Şimali Azərbaycanla Cənubi Azərbaycanın idarəsini birləşdirmək Şimali Azərbaycanın mədəniyyətini Cənuba axıtmaq üçün arzu edilən arxı çəkmək deməkdir. Şimali Azərbaycanda bütün müsbət xüsusiyyətlərlə bərabər möhkəm bir həyat quruluşu da mövcuddur. Kəndlisi çalışqandır. Şəhərlisi təşkilatçıdır. Alimlərinin, şairlərinin haqqında danışmaq istəmirəm, çünki əlahəzrətin özü onlarla yaxından tanışdır. – Eldəniz xanədanına nisbət əlaqələri nə mərkəzdədir? – Xalq üsyançı xalqdır. Haqsızlığa qarşı boyun əyməyən xalqdır. Milli qürur onlarda daha artıqdır. Yalançılıq və yaltaqlıq onların düşmən tutduğu işlərdən birisidir. Özləri çox üzügülər və mehribandırlar. Onlar bizim xanədan üzvlərindən doğruluq və doğmalıq gözləyirlər. Bizim xanədan bu cəhətləri diqqəti-nəzərinə almalıdır. Hələlik onlar, Orta Asiyadan gələn və xəlifə xidmətinə daxil olub Azərbaycan xalqını qarət və talan edən türklüyü unuda bilməmişlərdir. Buna görə də onlar bizim simamızda Azərbaycan türklüyünü görməlidir. Lakin səlcuq hökmdarları, hətta, Səlcərin özü də Azərbaycan xalqına Azərbaycan türklüyünün doğma simasını göstərə bilməmişdir. Hər halda onlarda hökumət əleyhdarlığı görə bilmədim, narazılıqlar yerli hakimlərin haqsızlığından doğur, şəxsi məsələlərdən doğan narazılıqlar da vardır. Qızıl Arslan vəliəhdin nə dediyini anladı, Qətibənin Həmədandan Təbrizə köçürülməsi ətrafında intişar edən şayiələrin təsirsiz qalmadığını bildi. Buna görə də vəliəhdə sual verdi: – Mələkənin nə məqsədlə Azərbaycana köçürülməsi barəsində Nizamiyə izahat vermədinmi? – İzahat verdim, şübhəsizdir ki, Nizami kimi bir şəxsə şayiələr haqqında izahat vermək artıqdır. Mən onunla görüşdüyüm zaman, onun özü də şayiələrə inanmadığını söylədi. – Nizami ilə təfsilən görüşə bildinmi? – Görüşə bildim, heç bir kəsə nəsib olmayan bir səadət ancaq mənə nəsib oldu. Mən şairə xəbər verməksizin onun görüşünə getdim, məişət və həyatı ilə tanış olmaq məqsədilə nahar yeməyi zamanında ziyarətinə getməyi qərara almışdım. Buna görə də böyük şairlə bir süfrədə nahar yeməyəi yedim. Məktubunuzu ona verdim, oxudu və mənə nəsihətlər verdi, dediklərini yazdırıb əlahəzrətə oxumaq üçün gətirmişəm. – Mənim haqqımda fikrini açıq söyləmədimi? – Məktubunuzu oxuduqca, gülümsəyirdi, bəzən də qaşlarını çatışdırıb düşünürdü. – Mənim haqqımda başqa cür düşünə bilməz, çünki o mənim şəxsiyyətimi çox yaxşı tanıyır. – Əlahəzrət icazə verəydi, şairlə tez-tez görüşmək üçün Şimali Azərbaycanda yaşardım. Onunla görüşmək və nəsihətlərini eşitmək mənim üçün bir həyat dərsidir. – Sənin Azərbaycana getməyin lazım deyil, çalışıb şairi bura gətirmək lazımdır. – O mümkün deyil, mən onun həqir və yoxsul evinə baxdığım zaman o mənə dedi ki: “Dünyanın tükənməz xəzinəsini burada yaradıram”. O deyirdi ki: “Mənim Arandan çıxıb getməyim vətəndaşlarımı təhqir etmək kimidir”. – Torpaq işləri nə vəziyyətdədir? – Hökumət torpaqları təzədən bölüşdürməlidir, çünki mülkədarlar kəndlini hökumətin bayrağı altında qarət edir, halbuki kəndlidən alınan vergidən bir dinar da olsa dövlət xəzinəsinə tökülmür. – Sən bu fikri başqasına danışma, bu məsələ olduqca qorxulu məsələdir. Bu barədə rəhmətlik atanla da danışmışdım. Mənim də fikrim belə idi. Lakin indi tamamilə başqa fikirdəyəm. Sən bilirsən ki, torpaq quruluşunun hazırkı şəkli dövlət quruluşunun bugünkü şəkli ilə əlaqədardır. Torpaq quruluşu işlərini dəyişmək istəsək, hökumət və dövlət üsul-idarəsini dəyişməliyik. Dövlət quruluşu beladir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin həlqəsi kimi bir-birinə bənd olubdur. O zəncirin əsas həlqəsi hökmdardan ibarətdir. Zəncirə hərəkət verən bizik. Bu məsələni burax. De görüm Şimali Azərbaycan xalqının əsas ehtiyacı nədən ibarətdir? – Əsas ehtiyac mövhumatı təpikləyib məmləkətdən qovmaqdan ibarətdir. Mövhumat çox geniş qədəmlər ilə xalqın içərisinə girir. Mən Şimali Azərbaycanda olduğum zaman mövhumat işləri ilə tanış olmaq istədim, şeyxlər və təriqət rəhbərləri ilə yaxından tanış oldum. Nə dediklərini və əsas xətt-hərəkətlərini öyrəndim. Təriqət və bidətlərin məxəz və mənbələrini öyrəndiyim zaman bunların Azərbaycanda düzəlmədiyini və müəyyən bir siyasətin nəticəsi olaraq Azərbaycana gətirilməsini qərara aldım. Təriqətlər və bidətlərin İrandan, İraqdan və Orta Asiyadan Azərbaycana gətirildiyi şübhəsizdir. Çünki bir çox təriqətlər vardır ki, indiyə qədər Azərbaycanda vətəndaşlıq hüququnu qazana bilməmişdir. Hökmdar bu qorxulu hadisənin önünü almalıdır. Çünki təriqət və müridbazlıq işləri xalqın ittifaqını pozmaq üçün ən birinci vasitədir. Bilmirəm, bəlkə də bizdən əvvəl bu məmləkətləri idarə edənlər təriqət və məzhəb mübahisələrini genişləndirməkdə siyasi bir məqsəd daşımışlar. Lakin hazırda bu hadisə çox qorxulu bir hadisədir. Çünki bir-birinə təriqət və fikircə düşmən olan xalqı ümum bir fikrin ətrafında birləşdirmək çox çətindir. Mən elə bir qərara gəldim ki, təriqətlərin pərdəsi altında axirət fikirləri deyil, dünyada daxili mübarizələr, hərc-mərcliklər, düşmənçiliklər yaratmaq fikri gizlənmişdir. Qızıl Arslan heyrət və təəccüblə gözlərini vəliəhdin ağzına dirəyib onu eşidir və qəlbində: “Fikrimdə yanılmadım, vəliəhd məmləkətdə olan xəstəliklərin haradan gəldiyini mənim düşündüyüm kimi düşünə bilir. Xəstəliyi təyin edir, lakin əsas məsələ xəstəlikdə deyil, çətinlik onun dərmanını tapmaq işindədir. O barədə silahımız iti deyil, fikrimizin düşmənlərinin sayı dostlarımızın sayından bir neçə qat artıqdır”. Qızıl Arslan başına hərəkət verib: – Sənin düşüncələrin, təriqətlər haqqındakı mənalı təhlillərin məni şadlandırır. Xalq öz-özünə düşmən olmasaydı, mən mövhumat və təriqətin kökünə iti bir qılınc vurardım. Sənin fikrin doğru fikirdir. Bizdən əvvəlkilər hökuməti yaşatmaq işində mövhumat və təriqət mübarizələrini əsas bir vasitə bilmişlər. Oğlum, sən üsyan tarixlərini yaxşı öyrən, onların hamısında din, mövhumat və təriqət əleyhinə müəyyən ünsürlər tapa bilərsən. Bu xəstəliyi bizdən daha əvvəl təyin etmişlər, lakin onlar da bu zəhərli canavara qalib gələ bilməmişlər. Qızıl Arslan bunları deyəndən sonra çox kədərləndi, başını aşağı salıb bir az düşündü, sonra da yavaşdan dedi: – Bütün günahlar bizdədir. Dünyaların lənətini öz boynunda gəzdirən biz hökmdarlar, hökmdar saraylarını işıqlandıran günəş avamlıq dünyasının qaranlığı içərisindən saflanıb çıxmalıdır. Biz nə üçün də o dünyanı işıqlandıraq? Çünki avamlıq dünyası işıqlandığı zaman saraylara qaranlıq çökəcəkdir. – Qızıl Arslan vəliəhdə sual verdi: – Gürcüstanla olan əlaqəmiz nə vəziyyətdədir? – Əlaqəmiz dostanədir. Buna daha da möhkəm etmək lazımdır. Gürcüstanın mövqeyi bizim o məmləkətə hörmət bəsləmək və dostanə əlaqədə olmağımızı tələb edir. Nədənsə keçmiş hökmdarlar bunu nəzərə almamışdır. Biz Gürcüstanı qoşun və qılıncla yox, öz hörmət və məhəbbətimizlə əldə edə bilərik. Onlar Azərbaycan xalqının ən qədim qonşusudur. Bu iki xalqa bir-birinə nisbət, dərin bir sevgi hiss etdim. Mən elə bilirəm ki, Gürcüstan xalqı bir hadisə təqdirində azərbaycanlıları arxadan vurmaq istəməzlər. Lakin keçmişdə bu iki xalqı süni surətdə bir-birinə qarşı qoyublar. Gürcüstanla Şirvan arasında mövcud olan ittifaq buna böyük bir sübutdur. Bu ittifaq bizim üçün də faydalıdır. Qızıl Arslan güldü: – Belədir, dünyanın işi belədir, oğlum! – dedi. – Hökmdar öz rəiyyətini, rəiyyətin səadəti nöqteyi-nəzərindən başlamalıdır. Lakin bizdən əvvəl gəlib hökumət sürənlər də, bizim özümüz də bunun əksini həyata keçirmişik. Hökumətlər, rəiyyətləri öz səadəti uğrunda istifadə etmək üçün bəsləyirlər. Onların düşüncəsinə görə qoyunlara insaf və vicdanla yanaşmaq, başəriyyəti ətsiz qoymaq deməkdir. Onlar demişdir ki, qoyunlara xidmət etmək və onları kökəltmək qoyunlara səadət vermək üçün deyil, ət yeməyə öyrənənləri təmin etmək üçündür. Hökmdarlar rəiyyətlərinə bu nöqteyi-nəzərdən yanaşıblar. Bu üsulu tərsinə çevirmək üçün uzun müddət çalışmaq lazımdır. Oğlum, bu arzulardan düş! Sənin nə fikirləşdiyini çox gözəl bilirəm. Atan rəhmətlik də mənim bu fikirlərimi daima tənqid edərdi. Lakin mən səni tənqid etmirəm, biləks, bu fikrini təbrik edirəm. Oğlum, düşüncələrin müqəddəs və pak düşüncələrdir. Təəssüf olsun ki, hazırkı vəziyyətlə onun həyata keçirilməsi haramdır. Vəliəhd daha danışmadı. Durub Qızıl Arslanın məruzəsinə qarşı nə kimi cavab verəcəyini gözləyirdi. Qızıl Arslanın verdiyi cavab onu təmin etmədi. Qızıl Arslan rəiyyətlə mülkədarın əlaqəsi barəsində deyirdi. – Rəiyyətin varlanmasına çalış, çünki ac və çılpaq rəiyyətdən bir şey almaq olmaz. Belə deyilmi? Qızıl Arslan vəliəhdin sükutunu görünçə bir daha sual verdi: – Dediyim kimi deyilmi? – Belədir, lakin rəiyyəti varlanmağa qoyan kimlərdir? Mülkədarlar onun son köynəyinə qədər aldığı bir zamanda kəndlini nə vasitə ilə varlandıra bilərsən? – Kəndlinin ixtiyarını mülkədarın əlinə vermək olar, lakin hökmdar mülkədarın ixtiyarını öz əlinə almağı bacarmalıdır. Son vəsiyyətim budur ki, rəiyyəti birinci növbədə xarici soyğunçulardan qorumaq lazımdır. Daxildəki soyğunçuları soymaq o qədər də çətinlik tələb etməz. Vəliəhd bu fikirlərin heç birisindən razı qalmadı, Qızıl Arslan isə söhbətin mündəricəsini dəyişib dedi: – Mən vəliəhdi başqa bir məsələdən ötrü yanıma çağırmışdım. Təliənin məsələsi məni maraqlandırır. Aralıqda səmimiyyət və sevgi hissləri vardırsa, mən sənin fikrinlə razılaşa bilərəm. Bu məsələ sənin >> öz şəxsiyyətinə aid məsələdir. Bizim dediklərimiz isə səni həyatdan alınan təcrübələrlə tanış etmək məqsədini daşımaqdadır. Vəliəhd yerindən qalxıb Qızıl Arslana təzim etdi. Qızıl Arslan da: – Oğlum, gedə bilərsən! – deyəndən sonra vəliəhd birdaha təzim edərək, otaqdan çıxdı. * * * Kür çayı kənarında Qızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi: “Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir. Məmləkətin idarələri düşmənlərdən təmizlənmiş, sizinlə birlikdə danışdığımız islahata başlamaq üçün əlimizdə imkan vardır. Sizin fikirlərinizi həyata keçirəcəyəm. Bu səfərimdə sizin arzu etdiyiniz sülh müqaviləsini Şirvanla bağlayıb qurtarmaq ümidindəyəm. Fikirlərinizi məmləkətin idarəsi işində rəhbər tutacağam. Sizinlə məşləhətləşmək üçün təzə fikirlərim də vardır. Mən ümid edirəm ki, xalqın həyatında dəyişiklik yaratmaq mümkün olacaqdır. Mən otuz günlük bir səfərdən şairin ziyarətinə gəlmişəm. Ümid edirəm ki, möhtərəm şair də, otuz fərsəng yoldan mənim görüşümə gəlməyi əsirjəməyəcəkdir”. Nizami Qızıl Arslandan məktub aldığı dəqiqələrdə “Xosrov və Şirin” əsərinin son beytlərini yazıb bitirirdi: Zihər əqli-mübarək badəm aməd Təriqü-əql vahid yadəm aməd, Şikayət künəyi migərdəm əz baxt, Ki dər bazu kəmani daştəm səxt. Bəsi tirü kəman əfkəndə budəm, Nə şüd bər hic kağəz kazimüdəm. Şikayət çünki, bərdarəd xüruşi Nə manəd bibəha göhər firuşi. Qızıl Arslanın məktubu Nizamini razı salmamışdı. Çünki o, Nizamiyə verdiyi vədələrin və Nizamidən aldığı nəsihətlərin bir faizinə də olsa əməl etməmişdi. Buna görə də o, taxt-rəvanda oturub Qızıl Arslanın ordu qərargahına getdiyi zaman öz-özünə düşünüb deyirdi: “İnsan dünyanı öyrənir, alim ikən savadsız olur. Hökmdarlar danışdığı zaman həqiqəti deyil, məkan və zamanı nəzərə alırlar. Padşahın vicdanına inanma, o, sənin köməyinlə əldə etdiyi silahını sənin öz başında da imtahan edə bilər. Padşahın dilindən tez-tez eşitdiyimiz vicdan və sədaqət kəlmələri də insan qəlbini şikar etmək üçün bir tələ vəzifəsini ifa edir. İnsanların bədbəxtliyi burasındadır ki, onlar bir-birini öyrəndikləri zaman onların qəlbindəki xain məqsədləri oxuya bilmirlər. Onlar lisanın quraşdırdığı asimani kəlmələrə aldanırlar. Milyonları bir nəfər padşaha baş əydirən səbəb bir olsaydı, onunla mübarizə aparmaq o qədər də çətin olmazdı. Lakin padşahın mövqeyini möhkəm edən səbəblərin sayı onun icra etdiyi şaqsızlığın sayından daha artıqdır. Padşah acizləri əsirlikdə saxlamaq üçün qüvvətlilərdən özü üçün bir yaltaq ordusu düzəltmişdir. Avamlar, düşüncəsizlər, mövhumatçılar padşahlıq kəlməsinin ilahi bir kəlmə görünməsi yolunda böyük bir vəzifə bitirirlər”. Nizaminin fikri bu kimi düşüncələrin ağırlığı içərisində yorulur, ara-sıra taxt-rəvanın pərdəsini qaldırıb Kür qırağının zəngin təbiətinə baxdıqca dincəlir və yenə də Qızıl Arslan haqqında düşünüb deyirdi: “Bəzən həyata və dünyaya yeni şəkil vermək istəyən dahilərin fikirləri də minlərcə firqə və təbəqələrə ayrılmış xalqın qarmaqarışıq fikirləri içərisində itib gedir. Padşah! Səndə nə vardır?! Adi sənətkarların düzəltdiyi taxt-tac. Lakin sən hər taxtın kölgəsində duran tabutu görə bilmirsən!.. Geniş sarayların işıq pəncərəsindən dünyaya baxdığın zaman şöhrət və xudpəsəndlik kölgələri sənin gözlərinə pərdə çəkir, sən yüzlərcə sənin kimi hökmdarların yatdığı qəbiristanları görə bilmirsən! Sən bir yığın yaltaqlara, riyakarlara arxalandığın təqdirdə sənə qarşı nifrət bəsləyən yüz minləri görmürsən. Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. Bəlkə də bir gün xalq mən düşünən kimi düşündü, bəlkə də bir gün sənin aldadıcı olduğun və əhdə vəfa etmədiyin aşkara çıxdı. Onda nə edə bilərsən? Səni haman taxtdan çəkib yerə salarlar. Bu çox asandır. Lakin sənin açdığın xərabələri düzəltmək olduqca çətindir. Hazırda qoltuğuma vurub hədiyyə gətirdiyim “Xosrov və Şirin” adlı əsərimdə sənə və səndən qabaqkılara demək istədiyim sözlərin hamısını yazmışam. Bu sözləri həm özüm deyirəm, həm də xalqın deməsinə imkan yaradıram”. Şairin taxt-rəvanı ordunun qurduğu çadırların arasından keçib gedirdi. Nizaminin gəldiyini Qızıl Arslana xəbər verdilər. O, bu zamanda işrət məclisi qurub eyş-işrətə məşğul idi. Onun böyük bir çadırda təşkil etdiyi böyük ziyafətin şəkli dərhal dəyişdi. Əvvəlcə Şəmsəddinə əmr verdi: – Əyanları və qoşun sərkərdələrini götürüb böyük şair üçün təntənəli bir istiqbal mərasimi düzəldin, – dedi və sonra xidmətçilərinə əlavə bir fərman verdi: – Çadırı boşaldın. Saqilər, mütrüblər getsin, məclisdə yalnız çalanlar və oxuyanlar qalsın. Zəmanənin həyat suyunu paylayan bir şair gəldiyi zaman üzüm suyunun qiyməti qalmadı. Onun söhbətləri musiqi nəğmələrindən dilnəvaz və sevimlidir. O həqiqi zahidə məxsus bir məclis düzəldin. O zahiddir, lakin yun əba və yun baş örtüsünü daşıyan zahidlərdən deyil”. Nizami çadıra daxil olduğu zaman Qızıl Arslana baş endirib salam verməyə macal tapmadı, çünki Qızıl Arslan onu çadırın qapısında qarşılayıb salam verdi və əlindən tutub öz yanında əyləşdirdi. Birinci olaraq dövlət və hökumətə aid məsələlərdən danışdılar. Sonra da şair yolda gələrkən düşündüyü nəsihətlərə başladı. Şairin nəsihətlərinə qarşı Qızıl Arslan tez-tez: “Doğrudur, həqiqətdir. Təsdiq edirəm, həyata keçirmək lazımdır. Əhsən, afərin, belədir ki, var! Sizi əmin edirəm, başqa cür ola bilməz. Qonşularla dostanə yaşamaq barəsindəki fikrinizə qəlbən tərəfdaram. Yerli hakimlərin hüququnu məhdud etmək fikrini təqdir edirəm. Mən ancaq Azərbaycan xalqının dostluğuna arxalanıram. Elədir, xalqın mənə qarşı olan əlaqəsində səmimi bir dostluq hiss olunur. Şair əmin olmalıdır. Verdiyim vədələr tədrici surətdə həyata keçiriləcəkdir!” – deyirdi. Qızıl Arslan Qətibənin Təbrizə köçürülməsi səbəblərinə keçərək dedi: – Qətibənin Azərbaycana köçürülməsi məmləkətin böyük bir hissəsini təhlükədən qurtardı. Nizami gülümsəyərək: – Məmləkətin bir hissəsini təhlükədən qurtarmaq üçün hökmdarın şəxsi həyatını təhlükəyə yaxınlaşdırmaq da sadəlikdir. Qızıl Arslan da bu sözə güldə və dedi: – Gələcəyin şəkli hadisələrin şəklindən asılıdır. – Hökumət və dövlət fəlsəfə ilə idarə oluna bilməz. Hadisələr gələcəyə öz şəklini verə bilməkdən əvvəl hökmdarlar hadisələrə öz düşündüyü şəkli verməyə çalışmalıdır. Fəlsəfə xülasələrini kitablarda olduğumuz zaman xoşumuza gəlir. Lakin onu insanların həyatında gördüyümüz vaxt, həyatla uyğun olmadığını yəqin edirik; çünki həyatdan alınmayan fəlsəfələr heç bir zaman bir xalqın həyatında tətbiq edilə bilməz. Hökmdarın bir saatdan bəri danışdığı fəlsəfi məsələlər qismən xalqın həyatı üçün zərərli, bəzən də həyata keçirilməsi mümkün olmayan məsələlərdən ibarətdir. Xalqın həyat və düşüncəsini yerli hökmdarlardan öyrənməklə həyat fəlsəfələri yaratmaq olmaz. Hökmdar bilavasitə xalqı öyrənməlidir. Çünki hökmdarı əhatə edənlər üçün >> əhalinin həyatı haqqında ona doğru xəbər vermək əlverişli deyil. Saray xalqının əsas vəzifəsi sarayda qapanıb qalmış hökmdarı aldatmaqdır. Onlar padşah sarayının qarşısına gəlib acıqdan fəryad edən xalqın fəryadını eşitdiyi zaman daima: “Şükürlər olsun, məmləkət bolluqdur və ucuzluqdur, rəiyyət sarayın qarşısına yığılıb əlahəzrətin ömür və dövlətinə dua edirlər” – deməkdədirlər. Qızıl Arslan Nizaminin dediklərini təsdiq etdi, lakin nəsihətlərin öz hədəfinə əsabət etmədiyi aydın idi. Qızıl Arslan sərhədlərdəki müvəqqəti dinclikdən istifadə edərək Azərbaycan islahatı haqqında verdiyi vədələri həyata keçirməkdən boyun qaçırdı. Buna görə də Nizami Atabəy məmləkətlərinin gələcəkdə düşəcəyi vəziyyət barəsində izahat verib dedi: – Hökmdarın idarə etdiyi məmləkət, tarixi düşmənlər tərəfindən əhatə olunmuşdur. İranlılarda, İraq və reylilərdə vətənpərvərlik ruhu inkişaf etməkdədir. Xəlifələrin əzəmət və şöhrəti sönür. Böyük ərəb səltənəti dağılır. İstiqlaliyyəti alınmış xalqlar ayağa qalxır, gizlində və aşkarda məmləkətlərin sərhədlərini dəyişmək üçün minlərcə əllər işləməkdədir. Haman əllərdən bir çoxu Azərbaycanı hədəf etmişdir. Məmləkət daxilində olan əcnəbi nümayəndələrinin sayı hökmdarın ordusundan bir qat artıqdır. İranlılarla iraqlılar öz köhnə vəziyyətlərini bərpa etmək üçün silaha sarılmağı bacarmazlar, çünki onlarda Azərbaycan silahına qarşı qoyulacaq qüvvət yoxdur, hökmdar bunları nəzərə alaraq Azərbaycan silahına hörmət bəsləməlidir. Qızıl Arslan yenə də: “Doğrudur, həqiqətdir. Başqa cür ola da bilməz” – sözlərini tez-tez təkrar edirdi. Nəhayət, söhbətin sonunda Nizami gətirdiyi əsəri ipək bağlının içərisindən çıxarıb Qızıl Arslana təqdim etdi və dedi: – Bu əsəri “Fərhad və Şirin” sərlövhəsi altında yazmalı idim, lakin Fərhadın sənət və eşqinə dair yazdığım əsərdə siyasət və cahandarlığa dair fikirlərimi inkişaf etdirə bilməzdim. Buna görə də əsərimə “Xosrov və Şirin” sərlövhəsi verib Xosrovların gedəcəyi yolları təyin etməyə çalışdım. Məqsədim eşqnamə yazmaq deyildi, biləks, Şirini bundan da artıq bəzəyərək dünyanın ən məşhur bir gəlinin dərəcəsinə çatdırardım. Məqsədim zinətlərdən danışmaq olsaydı, dünyanın minlərcə yonulmamış cavahirlərini bu səhifələrə düzərdim. Əsas məqsədim nəsihət idi. Bilmirəm, bu fikrimdə istədiyim qədər müvəffəq ola bilmişəmmi? Qızıl Arslan əsəri bir qədər gözdən keçirdikdən sonra: – Bu quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. Nizamülmülkün yazdığı “Siyasətnamə” tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir. Qızıl Arslan uzun və mənalı cümlələrlə böyük şairin yazdığı əsəri tərifləndi. Lakin buna müqabil şairə mükafat verdiyi Həmudünyan kəndi olduqca həqir və dəyərsiz bir mükafat idi. Nizaminin mükafat aldığı kəndin nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba yazılmış xatimədən də anlamaq olur. Heç şübhə yoxdur ki, kitab Qızıl Arslana verildiyi zaman bu xatimə kitaba daxil ola bilməzdi; çünki mükafat verilmədən əvvəl mükafatın dəyəri haqqında yazmaq yersiz olardı. Şair, Qızıl Arslanın yanından qayıdandan sonra mükafat barəsində intişar edən dedi-qoduların əleyhinə yazdırdı: “Mənə həsəd aparanlar deyirlər ki, Qızıl Arslan Nizamiyə xərabə bir kənd hədiyyə vermişdir. Kəndin böyüklüyü darısqal bir kürəyə bənzəyir, böyüklüyü yarım fərsəngin dörddə biridir. Kəndin mədaxili məxaricindən azdır”. Mənsə həsəd aparanlara belə bir cavab verirəm: “Verilən neməti təqdir etməmək yaramaz. Mənə verilən kənd quru zəmilərdən ibarətdirsə, mənim hər bir misra şerimdə yüzlərcə cənnət bağçaları görə bilərsən. Əgər padşahın mənə verdiyi kəndin sünbülləri dəndən məhrumdursa, mən öz şeirlərimdə salxım-salxım cavahir dənələri yaradıram. Əgər padşahın mənə verdiyi kənd Fərat çayının sularından suvarılırsa, mənim sözlərimdə dirilik suyu vardır. Bir xalvar sədəfdən bircə dənə dürr qiymətlidir. Bir damcı dürr, tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir. Özümün gecə-gündüz çalışıb yaratdığım sərvət padşahın verdiyi kənddən daha qiymətlidir”. * * * Qətibə Həmədana gəldiyinin birinci günündən başlayaraq böyük bir xəyanətin zəminəsini qoymağa başladı. Yaz fəslinin son günləri >> idi, Əkbatan fəzasına məxsus kinli təbiətin qəzəbi coşmağa başlamışdı. Axşam deyildi, lakin günəş kinlər, fitnələr, macəra və fəsadlar yuvası olan bu şəhəri işıqdan məhrum etmək üçün Əlvənd dağının arxasında durub düşünürdü. Həmədan şəhəri, hər tərəfindən su tökülən qara bir çadırın altında titrəyərək təbiətin acıqlı mühakiməsinə müntəzir idi. Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı. Gözləri və düşüncələri heyrətə düşürən ildırımlar Güleyn qalasının xərabə divarlarından atəşə tuturdu. Mühakimə başlandı, təbiətin orduları hücuma keçdi. Dolu danələri göydə partlayan minlərcə mərmilərin parçaları kimi şəhərin üzərinə tökülürdü. Gurultular davam edirdi, lakin bu gurultu yalnız havanın gurultusu deyildi, Əlvənd dağı dərələrindən qopub Həmədan üzərinə hücum edən sellərin gurultusu idi. Qaranlıq idi. Təbiətin qəhr-qəzəbi davam edirdi, hər kəs uşaqlarını götürüb şəhərin mərkəzindəki təpələrə qaçırdı. Köşki-baği müəzzəmin gözəl bağçaları sellərin qoynuna girdiyi, həmedanlı Əbül Ülanın tarixi türbəsi palçıq selləri üzərində bir qayıq kimi üzdüyü zaman Maşanrud çayı da Qətibənin kinli qəlbi kimi qabarmağa başladı və bir anda təbiətin palçıqdan ibarət olan yorğanını Fərivar bağlarının üstünə çəkdi. Qasımabadın çiçəkli tarlalarının yerində düzələn dəryada ziyarətçi quşların meyitləri üzürdü. Tarixdə məşhur Nəvvar çəməninin həyatına xatimə çəkdiyi zaman, üfüqlər də yavaş-yavaş işıqlanırdı. Qorunmaq üçün təpələrə çəkilən xalq öz evlərinə qayıtdıqları zaman Atabəy sarayının aynabənd artırmasından bir qışqırtı eşidildi. Bir anda şəhərin yaxın məhəllələrindən gələn xalq saray qarşısına toplandı, lakin nə hadisə üz verdiyindən və eşidilən qışqırtının səbəblərindən kimsənin xəbəri yox idi. Ancaq silahlı qoşunlar və saray qarovulları o tərəf bu tərəfə qaçırdılar. Atabəy sarayının naziri Hüsaməddin və saray keşikçi başçısı Əbüttar dərhal artırmaya çıxdılar və Qətibə xatunun Səfa xanım adlı sevimli cariyəsinin yıxıldığını gördülər. Haradansa artırmaya atılan ox, Səfanın sağ böyründən dəyib sol böyründən çıxmışdı. Günahsız cariyə məhv olmuşdu. Qətibə meyitin üstünə gəlməmişdi, lakin sarayda olanların hamısı artırmada idi. Nəhayət, bir neçə dəqiqədən sonra Rübabə adlı cariyə artırmaya çıxıb qışqırdı: – Kömək edin! Qətibə xatun özündən getdi: Hüsaməddin dərhal artırmadan qayıdıb Qətibənin otağına girdi. O, içəri girmədən əvvəl saray həkimi lazım olan vəzifəsini bitirib otaqdan çıxırdı, o, Hüsaməddini gördüyü zaman: – Mələkə qorxmuşdur. Bu hadisə onun əsəblərinə çox fəna təsir bağışlamışdır, ona rahətlik vermək lazımdır. Kənizlərin və cariyələrin ağlamasına və mələkəni rahatsız etmələrinə imkan verməyin, – deyərək getdi. Hüsaməddin isə həkimin dediklərini yerinə yetirəndən yarım saat sonra, xidmətçilər tələsik gəlib müqəssirin tutulduğunu xəbər verdilər. Qatil İraq qoşun dəstələrindən atlara baxan bir tövləçi imiş! Hüsaməddin onun gətirilməsinə əmr verdi. Onu meyitin yanına gətirdilər, Hüsaməddin ona çox soyuqqanlılıqla sual verdi: – Alçaq və rəhmsiz, bu günahsız cariyəni nə üçün məhv etdin? Hansı bir təqsir səbəbinə bunun gənc həyatına sui-qəsd etdin? Qatil yerdə uzanan cariyənin meyitinə çox diqqətlə baxandan sonra heyrətlə dedi: – Mən cariyə öldürməmişəm. Mən öz ağamın tapşırığına görə mələkəni öldürmək istəyirdim. – Adın nədir? – Adın Mənsurdur. – Nə iş sahibisən? – İraq qoşunundan atlara baxan bir tövləçiyəm. Hüsaməddin təəccüblənərək: – Həyasızlığa bir baxın, möhtəşəm bir mələkənin həyatını bir tövləçiyə tapşırırlar. Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da həyat haramdır. Bundan sonra kimə inanaq? Mələkənin süfrəsinin xırdaları ilə ağalıq edənlər cəsarət edib mələkəni öldürmək istəyirlər. Onlar bu gün mələkəni, sabah da əlahəzrətin özünü öldürmək istəyəcəklər. Xudavənd-aləmə çox şükür olsun ki, mələkə təhlükədən xilas oldu. Hüsaməddin Zəhir Bəlxini çağırmaq üçün adam göndərdi. Bir azdan sonra Zəhir Bəlxi və Qızıl Arslanın vəzirləri və əyanları Atabəy sarayına yığışdılar, müqəssiri istinad etməyə başladılar. Zəhir Bəlxi müqəssirə sual verdi: – Bu cinayəti həyata keçirmək üçün nə qədər mükafat aldın? – Yüz qızıl dirhəm aldım. Müqəssir bunu deyərək cibindən yüz qızılı bir kisənin içindən çıxarıb yerə qoydu. Hüsaməddin ona sual verdi: – Sən bu qızıllar olmadan da həmin cinayəti həyata keçirə bilərdinmi? – Bəli, keçirə bilərdim. Çünki bunu mənə ağam əmr edirdi. – Ağan kimdir? – Ağam Azərbaycan qoşun dəstələrinin sərkərdəsi Fəxrəddindir. – Sən Fəxrəddini çoxdanmı tanıyırsan? – Mən hələ gənc olduğum zaman onların qapısında böyümüşəm. Zəhir Bəlxi və Hüsaməddin vəzirlərə və əyanlara müraciətlə: – Zənnimizcə, bu qədər kifayətdir. Madam ki, müqəssirin özü günahını boynuna götürür və əsas məqsədi də bizə nişan verdi, bu cinayət haqqında öz qərarımızı verməliyik. Əyanlardan və vəzirlərdən bir neçəsi bu fikrə etiraz edərək dedilər: – Madam ki, müqəssir öz günahını boynuna alır, o zaman Qızıl Arslan həzrətləri səfərdən gəlincəyə qədər müqəssirin barəsində bir qərar çıxarmaq olmaz. Müqəssir Eldəniz ailəsinə sui-qəsd etmişdir, qərarı ancaq padşahın özü çıxarmalıdır. Qətibə, Hüsaməddin və Zəhir Bəlxi bu təklifə razılıq vermədilər, xüsusən Qətibə: – Mənim sevgili cariyəm Səfanın meyiti basdırılmamış müqəssir öz cəzasına satdırılmalıdır, – dedi. Seyid Əlaəddin də bu mühakimədə iştirak edirdi. O, bu işdə Fəxrəddinin barmağı olmadığını çox gözəl bilirdi, lakin özünün azərbaycanlı və Fəxrəddinlə də yaxın dost olduğuna görə bir kəlmə də danışmadı və Fəxrəddini müdafiə edə bilmədi. Eyni zamanda, bu hadisənin yenə də Qətibə və Hüsaməddin tərəfindən təşkil edildiyinə şübhə etmirdi. O, bu ağır vəziyyətin altından nə kimi tədbirlə çıxa bilməsi barəsində düşünürdü. Yalnız Fəxrəddini müdafiə etməklə deyil, Qızıl Arslan ətrafında fırlanan mələkənin barəsində də düşünürdü. Bu hadisələrin əsas kökü azərbaycanlıları paytaxtdan uzaqlaşdırmaq və Qızıl Arslanı təkləmək məqsədləri üzərində qurulmuşdu. Seyid Əlaəddin məsələni öz nökəri vasitəsilə Fəxrəddinə xəbər verdi, çünki bir saat təxir etmək hadisəni uduzmaq demək idi. Qətibə öz əri Atabəy Məhəmmədi öldürdüyü zamanda da bu oyunu oynamış və Atabəyə zəhərli neştər vuran bərbəri öldürmüş və hadisənin ifşa edilməsinə imkan verməmişdi. İndi də o, Mənsuru edam etdirməklə Fəxrəddinin öz-özünü təmizləyə bilməsinə imkan verməmək istəyirdi. Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. Zəhir Bəlxi və Hüsaməddin həbsə alındılar. Qətibəyə sui-qəsd edən Mənsur da Qızıl Arslan gəlincəyə qədər xüsusi bir həbsxanada saxlandı. Qətibə Zəhir Bəlxi və Hüsaməddinin həbsə alındığı və müqəssirin edamına imkan verilmədiyini eşidərkən qorxuya düşdü və vəziyyətdən qurtarmaq üçün Həmədandan çıxıb Rey şəhərinə – oğlu Qütlüğ İnancın yanına getməyi qərara aldı. O, “həyatımı mühafizə etmək üçün qaçıram” – deyə Qızıl Arslanı inandırmağı düşünürdü. Lakin Fəxrəddin ona göndərdiyi sifarişdə: “Mələkənin Həmədandan getməsinə imkan verməyəcəyəm. Çünki əlahəzrət gələndən sonra başlanacaq mühakimədə mələkənin özü də iştirak etməlidir. Bu hadisə mənim əleyhimə düzələn böhtan və iftiralara son qoymaq üçün yeganə bir vasitədir. Bu mühakimədə yalnız mənim əleyhimə düzələn böhtanlar deyil, Atabəy Məhəmmədin qətl edilməsi işləri də ifşa ediləcəkdir”. Qətibənin törətdiyi son fitnələr iraqlıların əlində azərbaycanlılara qarşı böyük bir silah yerinə işlənməyə başladı. İraqlılar, ərəb imperatorluğunu dağıtmaq üçün Hüseynin qətlini əllərində bəhanə etdikləri kimi, Qətibənin də bu fitnəsini azərbaycanlılara qarşı silah yerinə işlətməyə başladılar. Çünki onlar bilirdi ki, azərbaycanlılar Qızıl Arslanın arxasında durduqca, iraqlılar öz məqsədlərinə nail ola bilməyəcəkdir. Buna görə Qətibənin bu macerası iraqlılar üçün həddindən artıq əlverişli idi. Qızıl Arslan bu macəraya inanmasa belə, yenə də azərbaycanlıları paytaxtda saxlamağı bacarmayacaqdı. Çünki azərbaycanlılar ancaq Fəxrəddin və Seyid Əlaəddinin səbəbinə illər uzunu Həmədanda qalıb Qızıl Arslana xidmət edirdilər. Bütün Həmədan xalqı Qızıl Arslanın bu hadisəyə qarşı nə kimi bir vəziyyət alacağı ilə maraqlanırdı. Nəhayət, hadisədən iyirmi bir gün keçəndən sonra Qızıl Arslan səfərdən qayıdıb Həmədana gəldi. * * * Qızıl Arslanın Fəxrəddinə verdiyi birinci sual bundan ibarət idi: – Sənə Zəhir Bəlxi və Hüsaməddini həbsə almaq üçün kim ixtiyar vermişdi? Fəxrəddin, əlahəzrətin bu şiddətli sualından heç də özünü itirmədi, cavabı çox təxirsiz bu surətdə verib dedi: – Mərhum Atabəy Məhəmmədin qətlində həyata keçirilən macəranın təkrar olunmaması üçün belə də lazım idi. Onlar bu cinayəti müvəffəqiyyətlə qurtarmaq üçün öz cinayətlərinin qurbanı olan Mənsuru siz paytaxta qayıtmamışdan əvvəl edam etmək istəyirdilər. Mənsə buna imkan vermədim. – Mələkəni nə üçün həbsə aldırdın? Onunla müdara etməyi sənə tapşırmamışdımmı? – Mələkəni heç bir kəs həbsə almamışdır. Yalnız onun Həmədandan çıxıb getməsinə imkan verilməmiş, çünki o, bununla paytaxda üsyan başladığını və burada yaşamağın imkan xaricində olduğunu göstərmək istəyirdi. Hazırda əlahəzrət təşrif gətirmişdir, mən müqəssirin mühakimə və istintaq edilməsini tələb edirəm. Çünki bu hadisə azərbaycanlılar əleyhinə düzəlmişdir. Qızıl Arslan yenə də acıqlı bir surətdə soruşdu: – Müqəssir deyir ki, məni bu cinayətə məcbur edən Fəxrəddindir. Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? Fəxrəddin yenə də əlahəzrətin şiddətli cümlələrindən təsirlənməyərək dedi: – Əlahəzrətin mənə inanmaması üçün heç bir əsas yoxdur. Sizə məlumdur ki, mən daima məmləkətin düşmənləri ilə mübarizə etmişəm. Hazırkı macaranı törədən düşmənlər, yalnız mənim deyil, bu məmləkətin düşmənidirlər. Onlar məni bu məmləkəti sevdiyim üçün sevmirlər. Bu gün əlahəzrət məni işimdən kənar edib Azərbaycana göndərmiş olursa, düşmənlərim məni xatırlamaq belə istəməzlər. Haman cinayətkar Mənsur məni tanımır, mən də onu tanımıram. Əlahəzrət bu sözlərimə inanmırsa, sərkərdələrdən bir neçəsini hüzuruna çağırsın, hərgah cinayətkar məni tanıya bilərsə, düşmənlərimin dediklərinin hamısı doğrudur, o zaman hökmdar məni cəzalandırmağa haqlıdır. Qızıl Arslan bu sözdən sonra bir az düşündü, sonra sərkərdələrdən bir neçə nəfərin gətirilməsinə əmr verdi. Yarım saatdan sonra on beş nəfər sərkərdə hazır oldu. Hüsaməddin də bunların içərisində idi. Qızıl Arslanın əmrinə binaən cinayətkarı zindandan çıxarıb gətirdilər. Qızıl Arslan cinayətkara diqqətlə baxandan sonra xidmətçilərə əmr etdi: – Müqəssirin boynundan və ayaqlarından zənciri açın! Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. Qızıl Arslan ona sual verdi: – Səni bu cinayətə məcbur edən burada duranların hansı birisidir? Mənsur əlahəzrətin bu sualından sonra məclisdə duranları diqqətlə gözdən keçirəndən sonra gəlib Hüsaməddinin yanında durdu və barmağı ilə göstərdi: – Mən ancaq bu adamı tanıyıram, məni bu cinayətə məcbur edən həmin bu adamdır! Qızıl Arslan bir sual daha verdi: – Sən Fəxrəddini tanıyırsanmı? – Necə ki, tanımıram. Tanımasaydım bu cinayəti həyata keçirərdimmi? – Fəxrəddini göstərə bilərsənmi? – Fəxrəddin həmin bunun özü deyildirmi? – Bu Fəxrəddin deyil, Hüsaməddindir. – Hər kimdirsə bilmirəm, ancaq bu adam özünün Fəxrəddin olduğunu mənə demişdi. – Bu cinayət üçün nə qədər mükafat almışdın? – Yüz qızıl mükafat almışdım. – Sən öz həyatını yüz qızılamı satmışdın? – Xeyr, bu cənab mənim sağ qalacağıma söz vermişdi. – Sən, kimi öldürmək istəyirdin? – Kimsəni öldürmək üçün mənə heç bir göstəriş verilməmişdi. Eyvanda hər kəs olursa olsun, mən ox atıb onu öldürməli idim. Qızıl Arslan Mənsura bir sual da verdi: – Sən Hüsaməddini və yainki Fəxrəddini bundan qabaq tanıyırdınmı? – Mən heç kəsi tanımırdım. – Sən öz verdiyin bəyanatda hələ gəncliyində Fəxrəddinin yanında qaldığını deməmişsənmi? – Bəli, demişəm. – Demək ki, bunları yalandan demişsən, belədirmi? – Mən yalandan heç bir söz deməmişəm, ağa nə cür tapşırıq vermişdisə, elə də demişəm. Belə olmalı idi, çünki bunun müqabilində yüz qızıl dinar almışdım. – Sən hara ox atdığını bilirdinmi? – Xeyr, bilmirdim. Ancaq ağa bir eyvanı mənə göstərib demişdi: buraya bir ox atacaqsan, hər kəsə olursa olsun. – Buranın Azərbaycan mələkəsinin evi olduğunu bilmirdinmi? – Xeyr, bilmirdim. Bilsəydim bu cəsarəti etməzdim. – Əcəba, sən qoşun dəstələri içərisində xidmət etdiyin bu qədər uzun bir zamanda mələkənin yaşadığı Atabəy sarayını tanımırdınmı? Mənsur bu suala gülümsəyərək cavab verdi: – Mən heç bir qoşun dəstəsində iştirak etməmişəm, Həmədan şəhərini birinci dəfədir ki, görürəm. Mən yeddi aydır ki, burada həbsdə idim. Mən Əsədabad ilə Həmədan arasında yol vuran dəstələrin başçısı idim, məni həbsə alıb Həmədana göndərmişdilər. Mənim edam edilməyimə fitva verilmişdi. Bu ağa məni həbsdən çıxartdı və bu vəzifəni tapşırıb dedi: sənə yüz qızıl verəcəyəm, özün də ölümdən xilas olacaqsan. – Sənə bu vəzifəni harada tapşırdılar? – Bu ağa məni öz evinə aparmışdı. – Sən o evi görsən tanıya bilərsənmi? – Bəli, tanıya bilərəm. Qızıl Arslan Hüsaməddinə müraciət edib soruşdu: – Sənin bu barədə cavabın nədir? – Cinayətkarın göstərdiklərinin hamısı yalandır. Bu dediklərinin hamısını ona həbsxanada öyrətmişlər. Buna görə də əvvəlki istintaq zamanı verdiyi bəyanatını dəyişdiribdir. Qızıl Arslan Hüsaməddinin bu cavabından sonra da Mənsura sual verdi: – Sən bunun evində gördüyün şeylərdən bir neçəsini saya bilərsənmi? – Bəli, bir çoxunu saya bilərəm. Bunun bir qoca xidmətçisi vardır, çopurdur, mənçə bir gözü də kordur. Dəhlizdən içəri girən zaman sol və sağ tərəfdə dərilərinə saman doldurulmuş iki dəhşətli şir durmuşdur. Pəncərənin qabağında asılan qəfəsin içərisində boz rəngli bir ququ quşu vardır. Mən içəri girdiyim zaman quş qışqırıb “büfərma, büfərma” deyirdi. Qızıl Arslan bu söhbətdən sonra Hüsaməddinə müraciət etdi: – Mənsurun dediyi şeylər sənin evində vardırmı? – Bəli, vardır. Lakin bu şeyləri cinayətkarın özü görməmişdir, bunu mənim düşmənlərim ona öyrətmişdir, çünki düşmənlərim mənim evimi bir dəfə deyil, yüz dəfə görmüşdür. Qızıl Arslan cinayətkara bir sual da verdi. – Bu sözlərə qarşı sənin cavabın nədir? Mənsur gülümsəyərək: – Cavab odur ki, demişəm. Bunun evində ənfiyədan da vardır, onun üstündə lal və cavahiratdan düzəlmiş çılpaq bir qadın şəkli vardır. Hüsaməddin tələsik cavab verdi: – Yalan deyir, məndə belə bir şey yoxdur. Mənsur sözə müdaxilə edərək: – Ağa doğru deyir, indi haman şey ağanın evində yoxdur. Ağa başqa otağa keçib mənim üçün sandıqdan yüz qızıl dirhəm gətirməyə gedən zaman mən haman qızıl ənfiyədanı çalıb cibimə qoydum. Qızıl Arslanın bu söhbətdən acığı söndü və qəhqəhə ilə güldü, yenə də: – Hazırda haman ənfiyədan haradadır? – deyə soruşdu. – Hazırda yanımdadır, əlahəzrətə təqdim edə bilərəm. – Əcəba, onu həbsxanada nə kimi bir vasitə ilə öz yanında saxlaya bildin? – Məni həbsxana müdirinin otağına təftiş etmək üçün aparanda dərhal ənfiyədanı çıxarıb müdirin taxçada qoyduğu əmmaməsinin altında gizlətdim. Mənə “soyun!” deyə əmr etdiyi zaman əmmaməmi və libasımı müdirin əmmaməsinin yanına qoydum. Məni diqqətlə axtardılar. Heç bir şey tapa bilmədiklərindən geyinməyimə əmr verdilər, mən libaslarımı geyindim, ənfiyədanı yenə də müdirin əmmaməsinin altından çalıb cibimə qoydum. – Hazırda ənfiyədan haradadır? – Yanındadır. Mənsur bunu deyərək, əlini qoynuna atdı və ənfiyədanı çıxarıb Qızıl Arslanın yanına qoydu. Qızıl Arslan ənfiyədanı götürüb baxdığı zaman rəngi ağardı, çünki ənfiyədan onun qardaşı Atabəy Məhəmmədin ənfiyədanı idi. Onu vaxtilə xəlifə Müstərşidbillah Atabəy Məhəmmədə bağışlanmışdı. Onun nə vasitələr ilə Hüsaməddinin əlinə düşdüyü Qızıl Arslanı düşündürürdü. O, Hüsaməddinə sual verdi: – Atabəy Məhəmmədə məxsus olan bu nadir şey sənin əlinə nə vasitə ilə düşmüşdür? Hüsaməddin bu sualın cavabı barəsində uzun saniyələr düşündü, çünki o sualın cavabını vermək çox çətin idi, o, heç bir zaman bu əntiqə şeyin Qətibə xatun tərəfindən özünə hədiyyə verildiyini söyləyə bilməzdi. Buna görə də başını qaldırıb cavab verdi: – Ənfiyədan hazırda Mənsurun əlinə nə vasitə ilə düşmüşdürsə, mənim əlimə də haman vasitə ilə düşmüşdü. Qızıl Arslan Fəxrəddinə müraciətlə: – Sən gedə bilərsən, – dedikdə, Fəxrəddin: – Mən canilərin cəzalanmasını tələb edirəm, – dedi. Buna da Qızıl Arslan acıqlı bir surətdə cavab verdi: – Füzulluq etmə! Padşaha tələbat vermək üçün heç bir kəs sənə ixtiyar verməmişdir, – dedi. * * * Hüsaməddin və Zəhir Bəlxinin həbsə alındığından bir həftə keçirdi. Həbsə alınanlar haqqında Qızıl Arslanın nə qərara gələcəyi məlum deyildi. Xalqa bu barədə məlum olan bir məsələ varsa, o da azərbaycanlıların həbsə alınanları cəzalandırmaq tələbindən və Qətibə xatunun da, Hüsaməddin və Zəhir Bəlxinin azad edilməsini tələb eləməsindən ibarət idi. Azərbaycanlılar son hadisədə Fəxrəddini müdafiə etməklə Qızıl Arslana belə bir məktub yazmışdılar: “Əlahəzrətin özünə məlumdur ki, hökumətin Azərbaycan hökuməti olmasına baxmayaraq, azərbaycanlılar özünü yabançı bir məmləkətdə hiss edirlər. Xüsusən son hadisələr paytaxtda olan azərbaycanlıların nüfuzunu bir daha azaltmışdır. Azərbaycanlılara qarşı təşkil edilən son xəyanət təşkilatçılarının cəzasız buraxılması, əlahəzrətin azərbaycanlılara olan etimadının azalmasını isbat edir. Bütün bunlar, azərbaycanlıların paytaxtda yaşaya bilməməsi üçün geniş bir məcburiyyət yaradır. Əlahəzrətə məlumdur ki, müqəssirlərin bu günə qədər cəzalandırılmaması xalq arasında onların müqəssir olmadığı kimi məna edilir və məsuliyyəti azərbaycanlıların öhdəsində qoyur. Buna görə də əlahəzrət azərbaycanlıların paytaxtı buraxması işini haqlı hesab etməli və bunların öhdəsində olan vəzifələrə adamlar təyin etməlidir”. Bu məzmunda tələbata yalnız şimali azərbaycanlılar deyil, buna cənubi azərbaycanlılar da qoşulmuşdu. Məktubda yüzlərcə sərkərdənin imzası var idi. Azərbaycanlıların tələbatilə bərabər Qətibə xatun da Qızıl Arslana öz tələblərini vermişdi. O öz tələbində deyirdi: “Əlahəzrət! Mənim atamın qatillərinə olan hörmətin məni təhqir etməkdən başqa bir şey deyildir. Azərbaycanlıların düzəltdikləri son sui-qəsdin cəzasız buraxılması məni olduqca şübhələndirdi. Bu hadisənin əlahəzrətin burada olmadığı zaman baş verdiyi də bunun müəyyən bir tapşırığın nəticəsi olduğu zehniyyətini verir. Əlahəzrətin Fəxrəddin və Seyid Əlaəddini cəzasız buraxması mələkəyə qarşı düzələn sui-qəsddə iştirak etməsini göstərir. Mən bu təhlükəni hiss etdiyim üçün də, bir neçə dəfə paytaxtdan çıxıb getmək istəmişəm. Lakin son hadisələr daha açıq göstərir ki, mənim paytaxtda qalmağım, həyatım və övladım üçün böyük bir təhlükədir. Əlahəzrət müqəssirləri cəzalandırmağı bir neçə dəfə vəd etmişdirsə də, bir nəticəsi çıxmamışdır. Hələ təqsirləri olmayanların həbsdə saxlanılması da mənim şübhələrimi artırmaqdadır. Hüsaməddin mənim atamın ən yaxın və etimad etdiyi bir adamdır. Onun qılıncının sayəsində dikbaş Azərbaycan illər uzunu Atabəylərə boyun əyməyə məcbur olmuşdu. Hazırda onun bir macəra nəticəsində təhqir olunub həbsə alınması, bizim ailəmizin təhqir olunması kimidir. Elə də Zəhir Bəlxi həzrətləri, öz tədbir və məsləhətləri sayəsində bizim hökumətimizə az xidmət etməmişdir. Əlahəzrətə son sifarişimdir. Bundan sonra köçüb həyatımın son aylarını Rey məmləkətində keçirməyə qərar vermişəm, atamın qatilləri hökm sürən bir məmləkətdə yaşamaqdansa, qürbət bir məmləkətdə fəqir və yoxsul həyat keçirməyim məsləhətdir”. Qızıl Arslan öz yanlış siyasəti nəticəsində çıxılmaz vəziyyətdə qalmışdı. O, azərbaycanlıları itirmək istəmirdi, eyni zamanda Qətibənin paytaxtdan köçüb Rey tərəflərinə getməsinə də razı ola bilmirdi, çünki onun təzə fitnələr törətməsindən qorxurdu. İraqda və Xorasan hüdudlarında ciddi üsyanlar başlamışdı. Qızıl Arslan nə qədər çalışdısa da, Azərbaycan qoşununun paytaxtı buraxmaq fikirlərinə mane ola bilmədi. Qətibənin düzəltdiyi yeni macəradan bir ay keçəndən sonra Seyid Əlaəddinlə Fəxrəddinin ətrafında yığılan Cənubi və Şimali Azərbaycan ordusu tamamilə çəkilib getmişdi. Qızıl Arslanın ətrafında ancaq onun düşmənləri qalmışdı. Hüsaməddin həbsdən buraxılmamışdı. Buna baxmayaraq o, Qızıl Arslan əleyhinə düzələcək sui-qəsdin başçısı olmaqda davam edirdi. Qətibənin kefi istədiyi zaman Hüsaməddini Atabəy sarayına dəvət edir, yenə də həbsxanaya qaytarırdı. Dövlət təbəddülatı üçün görüləcək hazırlıq gizlində yox, tamamilə aşkarda aparılırdı. Müqəssirləri cəzalandırmaq və gözləniləcək hadisələrin qarşısını almaq üçün Qızıl Arslanın istifadə edə biləcəyi bir nöqtə yox idi. Qoca vəzir Şəmsəddin vəziyyətin ağırlığını hiss edirdi, lakin Qızıl Arslan onun fikri ilə hesablaşmadığından təhlükə get-gedə dərinləşirdi. Hələ azərbaycanlılar köçüb getmədən qabaq Şəmsəddin Qızıl Arslanın yanına gələrək vəziyyət haqqında məlumat verib deyirdi: – Dövlət təbəddülatı yaradılması işində həm Hüsaməddin, elə də Qətibə xatunun özü ciddi surətdə iştirak edir. Bir tərəfdən Bağdad, o biri tərəfdən də Kəhran qalasında həbsdə oturan Toğrul ilə yazışırlar. Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır. Toğrul Qütlüğ İnancın vəliəhdliyini elan etməklə paytaxta gətirilməsinə razılıq vermişdir. Hadisənin qarşısını almaq və indidən işə başlamaq lazımdır. Qızıl Arslan vəzirə sual verdi: – Sənin bu dediklərinə etibar etmək mümkündürmü? Şəmsəddin əlini qoynuna uzadıb, bir neçə məktub çıxarıb Qızıl Arslana verdi. Qızıl Arslan Qətibənin Toğrula yazdığı məktubu oxuduqdan sonra: – Bilmirəm, məmləkəti bu şeytan nəslinin fitnə və fəsadından necə qurtaracağam, – dedi. Şəmsəddin Qızıl Arslanın bu sözlərindən sonra da öz fikrini dedi: – Doğrudur, mən qocalmışam, lakin fikirlərim qocalmamışdır. Mən əlahəzrəti təhlükədən qurtarmaq istəyirəm. Əlahəzrətə hökumət başına keçdiyi zaman dediyim sözlərimi bir daha təkrar edirəm, hərgah əlahəzrət son dediklərimi qəbul etməzsə, o zaman düşmənin hazırladığı təhlükə yaxınlaşmış olacaqdır. Qızıl Arslan hövsələsi təng olmuş bir halda soruşdu: – Açıq söylə, Şəmsəddin, mən nə etməliyəm? – Bu saatda bir fərman göndərib Reydən Qütlüğ İnancın Təbrizə gəlməsini tələb edərsən. Özün də sabahdan etibarən Təbrizə köçüb getməli və Qətibə xatunu da buradan çıxarıb Təbrizə aparmalısan. Çünki onun təzə təşəbbüslərinə imkan verməmək üçün nəzarət altında saxlamaq lazımdır. Bağdad və Xarəzm hüdudlarına qüvvətli müdafiə dəstələri göndərmək lazımdır. Qütlüğ İnanc Qəzvindən keçib Təbrizə gəldikdən sonra, Fəxrəddini güclü bir qoşunla Rey məmləkətinə göndərmək və hökumət işlərini əlinə almaq üçün ona səlahiyyət vermək lazımdır. Rey işğal olunandan və hüdudlar möhkəm edildəndən sonra Qütlüğ İnancla Qətibəni Təbrizdə, Hüsaməddini isə Həmədanda edam etdirməlisən. Toğrul ilə oğlu Məlikşaha gəldikdə onların məsələsi əlahəzrətin qəlbindəki qüvvətdən və cahandarlığın tələbatından asılıdır. Qızıl Arslan sual verdi: – Onları da edam etməkmi? – Bəli! Vəziyyət bunu tələb edir. Əlahəzrət onu bilməlidir ki, azərbaycanlıların etimadını itirmək – Atabəy məmləkətini itirmək deməkdir. Əlahəzrət, düşmən yalnız hökmdarın şəxsiyyəti məsələsini yox, xanədan məsələsini qoymuşdur. Qızıl Arslan nəsihətverici bir surətdə dedi: – Vəzir, mən sənə bir dəfə demişəm, yenə də təkrar edirəm: sən daima insanları öldürmək üzərində yox, onları bir insan kimi yaşatmaq, onları həyat və vəziyyət ilə barışdırmaq üzərində düşün! – dedikdə Şəmsəddin etiraz etdi: – Siz böyük Nizaminin tövsiyələrini unutmayın. Fəlsəfə ilə məmləkət idarə olunmaz. Ədalətlə cəzanın harada işlədilməsini bilmək lazımdır. Səltənət və üstünlük fikirlərinə satılan bir ürəklə barışmaq fikri çox yersiz və uşaqcasına fikirdir. Səltənət tələbində olan bir adamla barışmaq üçün səltənəti ona vermək lazımdır. Sənin paytaxtın Azərbaycanın son hüdudundadır. Eyni zamanda azərbaycanlıların düşmənliyini qazanmağa çalışırsan. Hərgah bu kimi səhvi həyata keçirmiş olsan, o zaman əsas məmləkəti itirəcək və müstəmləkə qoşunlarına arxalanıb Azərbaycanı itaət altına almağa məcbur olacaqsan. Lakin buna vaxt tapa bilməyəcəksən. Çünki əldə olan məlumata görə düşmən öz hazırlığını bitirmişdir. Açığını deyirəm, düşmən hökmdarın həyat məsələsini də həll edə bilər. Qızıl Arslan acıqlandı: – Sən bu gün mənim mətanətimi sındırmaq və məni qorxutmaq üçün gəldin. Sən məni tarixin lənətləri qarşısında qoymağımı düşünürsən? Sən məni, qardaşımın qadınını, qardaşımın oğlunu edam etdirməkləmi xoşbəxt etmək istəyirsən?! Sən məni alçaqlığa, rəhmsizliyə, cəlladlığa tərğib etdiyin üçün, mən də sənə öz nifrətimi bildirirəm. Dur mənim yanımdan get, bir də mənə bu cür nəsihətləri vermə! Özün qocaldığın kimi, fikirlərin də qocalmışdır. Sabahdan etibarən vəzirlik işlərini Müzəffər cənablarına tapşırmalısan. * * * Ölüm Azərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi. Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi. Şəmsəddin taxt-rəvanının pərdəsini qaldırıb zəncir həlqəsi kimi bir-birinin dalınca Şimala doğru gedən Azərbaycan atlılarını görüncə, hönkür-hönkür ağladı və oğlu Süleymana müraciətlə: – Qızıl Arslan öldü. O artıq yoxdur. Azərbaycan xalqı iki min ildən ziyadə hökumət sürdükləri paytaxtı itirdi, – deyərək bir daha ağladı və taxt-rəvanın pərdəsini saldı. Hüsaməddin və Zəhir Bəlxi həbsxanadan buraxıldılar. Bununla da Qızıl Arslan ixtilafın həll olunduğunu, dedi-qoduların bitdiyini zənn edərək sevinirdi. Lakin Qətibə, azərbaycanlıların paytaxtdan çıxarılması, Şəmsəddin vəzirin Nəcəf şəhərinə sürgün edilməsi və eyni zamanda Hüsaməddin və Zəhir Bəlxinin həbsxanadan azad olunması ilə öz tələblərini bitirdi, onun əsas bir tələbi də var idi. O, oğlunun vəliəhd elan olunmasını tələb edirdi. Qətibə bu məqsədlə Qızıl Arslanın yanına gəlib rəsmi-təarifdən və hökmdarın səhhətini xəbər aldıqdan sonra dedi: – Allah-taalaya çox şükür olsun ki, indiyə qədər məmləkətin başına fəlakət gətirən fitnə və fəsadçılar rədd olub getdilər. İndi hər bir ixtilaf həll olundu, dedi-qodular kəsildi. Hazırda əlahəzrətin məmləkəti istədiyi kimi idarə etməsinə böyük və geniş imkanlar vardır. Lakin həll olunmamış mühüm bir məsələmiz qalır. Qızıl Arslan gözlərini qıyıb sual verdi: – Hansı məsələmiz həll edilməmiş qalır? – Mənim oğlumun məsələsi. – Hansı məsələsi? – Onun varislik məsələsi. – Sənin oğlun məmləkətin ən böyük bir hissəsini idarə edir. Rey məmləkəti bir padşahın sahib ola biləcəyi ərazidən bir neçə qat artıqdır. Mən zənn edirəm ki, ona bu kifayət edər, mələkənin bu məsələni bir daha qaldırması yersizdir. Qətibə bu fikrə etiraz etdi. O, Qızıl Arslanın təkləndiyini zənn edərək bu ağır təklifə razı ola biləcəyinə inanırdı. – Zənn edirəm ki, əlahəzrət, mənim oğlum vəliəhdlik mərtəbəsini əldə etmək üçün səlahiyyətlidir, çünki o, Atabəy Məhəmmədin böyük oğludur. Mənsub olduğu ailə də nəcibdir. Əlahəzrət özü bilir ki, o, İnanc ailəsinə mənsubdur. Ana tərəfindən də Bağdad xəlifələrinin ailəsinə bağlıdır. Onun səlahiyyətli olduğu bir mərtəbəni Atabəyin kəndli qızından doğulan oğluna vermək inkaredilməz bir haqsızlıqdır. Bir halətdə ki, mənim oğlum hazırda hökuməti idarə etmək işində bir hökmdar qədər müqtədirdir. Bununla mən oğlumun hökmdar təyin olunması məsələsini meydana atmıram, çünki əlahəzrət Atabəy Məhəmmədi əvəz etdiyi üçün oğlumun atası sayılır, buna görə hökmdarlığı əlahəzrətə buraxmaq istəsən də vəliəhdliyi Əbubəkrə buraxmaq istəməyəcəyəm. Mən bunu bütün xalqın iradə və istəyi namınə tələb edirəm. Qızıl Arslan nə cür cavab verəcəyini şaşırmışdı, çünki o, Qətibənin ağzından çıxan bu sözlərin əcnəbi qazanında bişdiyini bilirdi. Qızıl Arslan fikrə cumdu. Şəmsəddin vəzirin və Fəxrəddinin dediklərini xatırlayır və qəlbində onlara haqq qazandırırdı. Lakin gec idi. Artıq hökmdar öz arxasını, öz səmimi məsləhətçilərini itirmişdi. O, düşmənlər tərəfindən əhatə olunduğunu hiss edir və özünün təkliyinə qəlbən ağlayırdı. Qızıl Arslan kədərli bir surətdə başını qaldırıb Qətibənin üzünə baxdığı zaman, Qətibənin də tələbedici gözlərlə ona baxdığını görüb dedi: – Mələkə vəziyyətlə hesablaşmalıdır. – Hökmdar da vəziyyətlə hesablaşmalıdır. Çünki vəziyyət verdiyim tələblərin həyata keçirilməsi üçün olduqca əlverişlidir. – Vəziyyəti büsbütün əksinə məna edirsiniz. Mələkə çox yaxşı bilir ki, onunla Azərbaycan xalqı arasında barışması mümkün olmayan bir düşmənlik vardır. Onlar heç bir vaxt sizin ailənin adını çəkmək istəmirlər. Hazırda Əbubəkri vəliəhdlikdən xaric edib yerinə sənin oğlunu təyin etmək, ikinci bir üsyana səbəb ola bilər. Qətibə xatun bir məsələni də unutmamalıdır. Biz Azərbaycanda hökmdarlıq edirik. Azərbaycanlılarla əlaqəni bundan da artıq gərginləşdirmək xanədanımız üçün ziyanlıdır. Qətibə bunlara etiraz etdi: – İndi artıq Azərbaycan yoxdur. Onlar çəkilib getdilər. Hökmdar artıq onlara arxa verməməlidir. Həmədanın dörd tərəfi bizim dostlarımızın əlindədir. İraqlılar, reylilər, xarəzmlilər Həmədanı üzük qaşı kimi aralığa alıbdır. Onların hamısı mənim oğlumun haqqını tələb edir. Zənn edirəm ki, hökmdar öz gələcəyini təmin etmək üçün mənim oğlumun varisliyini bərpa etməlidir. Qızıl Arslan acıqlandı. Etidalını mühafizə edə bilmədi, Qətibənin təhdidlərini öz hökmdarlıq qüruruna sığışdıra bilməyərək dedi: – Məni hədələmək sənin şəxsi cəsarətin deyil, sənin atan da, oğlun da, özün də daima əcnəbilərdən aldığımız təsirlə yaşamaq istəmişsiniz. Mələkə bir daha məmləkəti idarə etmək işində mənə məsləhət verməsin. Mən məmləkəti öz bildiyim kimi idarə edəcəyəm. Bu cür məsləhətlər mələkənin hörmət və qiymətini azalda bilər. Mələkə özünə verilən hörmət və mərtəbədən sui-istifadə etməməlidir. Hər işin ifratı, vəziyyəti dəyişə bilər. Siz məmləkət xalqının sizə qarşı bəslədiyi nifrətin qalınlaşmasına çalışmayın, onsuz da mələkənin boynunda ağır cinayətin məsuliyyəti vardır. Hələ oğlunuzun əcnəbi hökumətlərlə əlaqəyə girib məmləkətə qarşı sui-qəsd hazırladığını xatırınızdan çıxarmamalısınız. Mən bu gündən etibarən sən mələkəni də, oğlunu da vətəndaşlıq hüququndan məhrum edə bilərəm. Lakin xalq səni Atabəy Məhəmmədin qadını, oğlunu isə onun oğludur – deyə çağırdığından mən sizə toxunmamışam. İyirmi ildən bəridir, bu məmləkəti bir-birinə vurdun, lakin bir dəfə onu bilməlisən ki, əcnəbi himayəsinə sığınan, heç bir zaman xoşbəxt ola bilməz. Get buradan, bir daha məndən bu cür arzuları tələb etmə. Bir məmləkəti bir qadının arzularına qurban etmək olmaz. Məmləkət xalqının bir faizi sizə hüsn-rəğbət bəsləsəydi, mən bütün tələblərinizə əməl edərdim. Mən nə edim ki, siz öz rəftarınızla xalqın məhəbbətini itirmisiniz. Qətibə daha danışmadı, çünki Qızıl Arslandan eşitdiyi sözlərin qəti olduğunu bilirdi. Buna görə də Qızıl Arslanın otağından çıxıb getdi. * * * Hüsaməddin Qətibənin otağına girdiyi zaman onu həddindən artıq qəmgin gördü və salam verib durdu. Qətibə məhzun bir tövr alaraq: – Gəl, otur, mənim ruhum! – dedi. Hüsaməddin gəlib oturdu və təcili bir tərzlə sual verdi: – Əcəba, mələkənin bu qədər kədərli göründüyünün səbəbi nədir? Qətibə qara gözlərini Hüsaməddinə çevirib: – Bu kədərin səbəbi sənsən! – dedikdə, Hüsaməddin gülərək soruşdu: – Mənmi? – Bəli, sən! Sən indiyə qədər bizim gələcəyimizin yolunda göyərən acı tikanı qoparıb atmağı bacarmadın. – Mən anlamadım. – Çox gözəl anlayırsan, lakin məni bir daha yalvartmaq istəyirsən. – Doğrudan da, mələkənin nə demək istədiyi mənim üçün aydın deyil. – Mən deyirəm ki, Qızıl Arslan aradan qaldırılmamış biz xoşbəxt ola bilməyəcəyik. Bunun üçün də mən çalışıb onun məhv edilməsi üçün lazı molan vasitələri hazırladım. Onun əqilli vəzirini sürgünə göndərdim, onun arxası və istinadgahı olan Fəxrəddin və Əlaəddinləri paytaxtdan qaçırdım, onun padşahlıq taxtını möhkəm əllərdə saxlayan Azərbaycan qoşununun paytaxtı buraxmasına səbəb oldum, xəlifəni və qonşu hökumətləri bu ittifaqa cəlb etdim, nəhayət, Qızıl Arslanı təklədim. İndi isə məsələnin həlli sənin qılıncına həvalə olunur. Buna sözün nədir? Bizim xoşbəxtliyimizi geri atan səbəblərdən birisi də, ancaq Qızıl Arslanın diri qalmasından ibarətdir. O nə qədər sağdırsa bizim izdivacımız baş tuta bilməyəcəkdir. Hüsaməddin fikrə getdi, çünki Qətibənin təklif etdiyi bu cinayət daha ağır cinayət idi, çünki Qızıl Arslan qətl olunduğu zaman məmləkətin tamamilə dağıla biləcəyi ehtimalı var idi. Eyni zamanda o, Qətibəni əldə etmək üçün başladığı işləri də tamamlamağa məcbur idi. O, başını qaldırıb: – Mələkə, qorxuram! – dedi. – Sənin qorxaq olduğunu əvvəldən bilsəydim, səninlə bu qədər məsuliyyətli işlərdə iştirak etməzdim. Çünki qorxaqlıq hər bir təhlükəni törədə bilər. – Mələkə bəlkə də məni anlamadığı üçün bu sözləri deyir. Mənim qorxum Qızıl Arslanı öldürməkdən deyil, məmləkəti ölümə məhkum etməkdəndir. Biz Atabəy Məhəmmədi məhv etdiyimiz zaman, Qızıl Arslanın məmləkəti idarə edə biləcəyinə inanırdıq. Hazırda Qızıl Arslan öldürülərsə məmləkəti kim idarə edə biləcəkdir? Gənc və təcrübəsiz vəliəhd ətrafı düşmənlərdən ibarət olan bir məmləkəti nə kimi bir qüvvə ilə idarə edə bilər? – Məmləkət sahibsiz deyil, bu gün Qızıl Arslan aradan qaldırılarsa, sabah sən Hüsaməddin, az bir miqdar qoşunla Kəhran qalasına gedər, orada həbs edilən Toğrulu azad edib Həmədana gətirərsən, biz onu burada padşahlıq taxtına əyləşdirərik. Hüsaməddin çox açıq danışdı: – Bu qədər mürəkkəb olan məsələlər asanlıqla həll ediləcək məsələlərdən deyildir. Mən mələkənin Toğrula ərə getmək istədiyini bilirdim. Lakin mələkə bu izdivacla öz arzularına nail ola bilməyəcəkdi. Çünki Toğrul öz doğma oğlu Məlikşahı vərəsəlikdən məhrum edib mələkənin oğlu Qütlüğü vəliəhd təyin etməyəcəkdi. Qızıl Arslanın Həmədana hücumu və Toğrulu həbsə aldırması bu məsələni həll etdi. Mən bilirdim ki, mələkə Toğruldan gözlədiyi arzuları Qızıl Arslandan da gözləyirdi, lakin mələkə bu arzularına da nail lda bilmədi. Çünki Qızıl Arslan mələkəyə evlənmək üçün Azərbaycan xalqının sevdiyi vəliəhdi kənar edib mələkənin oğlunu vəliəhd təyin edə bilməzdi. Hazırda Qızıl Arslan öldürülsə belə, siz yenə də Toğrul ilə əvvəlki oyunları oynamağa başlayacaqsınız. Mənsə iki hökmdarın qətlinin məsuliyyətini boynumda daşımalı olacağam. Tarixin və xalqın haqlı olaraq verdiyi lənətləri qazanacağam. Yaxşı olardı ki, mələkə mənim yaxamı buraxaydı. Mən indi-indi bilirəm ki, mənim gəncliyim həyata keçirilməz bir arzunun təpikləri altında əzilib məhv edilmişdir. Qırx beş yaşına çatdım, məqsədimə çata bilmədim, geniş bir məmləkətdə doğulduğum halda vətəndaşlıq haqqımı itirdim. İndi mən hara gedə bilərəm? Qılıncımı götürüb hansı bir məmləkətə gedərsəm, yenə də məni öz vətənimə qarşı xəyanətə məcbur edəcəklər, çünki bu vəziyyəti mən özüm qazanmışam, çünki mələkə məni öz sevgisinə inandırmışdı. Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim. Hüsaməddin istədiyi qədər danışdı. Qətibə onu sakit-sakit dinləyirdi. Hüsaməddin sakit olandan sonra Qətibə danışaraq dedi: – Arzuya, hətta çətin arzulara da nail olmaq üçün əsas vasitə vəziyyəti öyrənməkdir. Xoşbəxtliyin qapısını açmaq üçün gözüaçıq olmaqla bərabər səbirli və mətanətli olmaq da lazımdır. Mən sənin düşündüyün kimi rəftar etsəydim, sənin dediyin kimi tələsmiş olsaydım, ikimiz də məhv ola bilərdik. Mən iki padşahın gözünün qarşısında öz ərimin qatilinə ərə getsəydim, onlar bu hadisəyə nə kimi bir nəzərlə baxa bilərdi? Biz elə bir izdivacdan rüsvayçılıq və ölümdən başqa bir nəticə əldə edə bilərdikmi? Sənə sual verirəm, mənə cavab verməlisən... Mən adi bir qadın olsaydım, bu barədə düşünməyə heç bir lüzüm yox idi. Nəhayət, sən mənim kim olduğumu nəzərdə tutmalısan, ya yox? Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz. Sevgimin aldadıcı və boyalı olduğuna işarə edirsən. Bir məmləkətin mələkəsi öz dodaqlarını və öz qəlbini bir adamın sərəncamına verərsə, onun sevgisinə boyalı və aldadıcı sevgi adını vermək, sevgiyə qarşı nankorluq və xəyanət deyildirmi? Ağıllı adamlar sevgidən xoşbəxtlik qazanmağa çalışmalıdır, lakin sən rüsvayçılıq və təhlükə qazanmağa çalışırsan. De görüm nəsihətlərimi təsdiq edirsənmi? Hüsaməddin yavaşdan: – Təsdiq edirəm, mələkə, – dedi. Hüsaməddin Qətibənin otağından çıxdıqda gecədən çox keçmişdi, Qətibə onunla vidalaşdığı zaman: – Mənim ruhum! Xoşbəxtliyə gedən yolun çox hissəsini getmişik, yorulma, bu yolu da müvəffəqiyyətlə getmək lazımdır! – dedikdə Hüsaməddin bir daha onu qolları arasına alıb sıxdı və dodaqlarından öpərək: – Bu yolu axıra qədər davam etdirəcəyəm, mələkə bu sözümə inana bilər, – dedi və qapını örtüb çıxdı. * * * Qızıl Arslanın düzəltdiyi İraq və Reydən gəlmiş qonaqların heyrətinə səbəb olmuşdu. Onlar heç bir zaman Qızıl Arslanı bu gündə olduğu kimi şad görməmişdilər. O, hər piyaləni əlinə aldığı zaman bir şeir oxuyurdu, eyni zamanda özü üçün təkiyeyi-kələm etdiyi: “Ey əcəl tez gəl, bu dirilik məni həlak edir” sözləri də onun qəlbində hakim olan kədərlərin nə qədər kəskin olduğunu bildirirdi. Nəhayət, o, əlini uzadıb qarşısında qoyulan güldandan bir gül qoparıb, gülə baxaraq bu rübaini oxudu: Ey gül tü nişati padişahan budi, Arami-dili həzar dəstan budi, Bain həmə xubiyo lətafət ki torast Axir nə bəziri-payi məstan budi. Qızıl Arslan bu rübaini oxuyandan sonra eyvanın qarşısındakı bağçaya baxaraq danışırdı: – Heç bir şeydə şadlıq hiss edə bilmirəm. Mən indi-indi düşünürəm ki, şərab da, gözəllik söhbəti də, güllərin və çiçəklərin tamaşası da, insanda bir şadlığa səbəb ola bilməzmiş, çünki bu saydıqlarımın nəşəsini də insan özündə mövcud olan bir şadlıqla duya bilər. Şad və bayram nəşəsini daşıyan bir qəlbə matəm girə bilmədiyi kimi, matəmli bir qəlbə də bayram nəşələri yol tapa bilməzmiş. Qızıl gülün çöhrəsi də bir atəş olub mənim varlığımı yandırmaq istəyir, bənövşələr sanki böyük bir matəmin qara pərdəsinə bürünmüşdür. Yasəmənlər tabutun üzərinə döşənmiş bir ananın saçlarını təmsil edir. Bülbülün səsi də anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir. Söyüdlərin bir-birinə qarışmış və başını aşağı dikmiş şaxələri də Leylisindən ayrılmış Məcnunun saçlarını təqlid edir. Nərgizin göz bəbəyində də ölüm ayağında duran bir xəstənin həsrətli baxışları duyulur. Kələbəklərin titrək qanadları qərq olmağa başlayan həyat yelkəninin son dəqiqələrini oxuyur. Zanbaq gülünün ağzı da həyatı udmaq üçün ağzını açan bir əjdaha qədər dəhşətli və qorxuludur. Üfüqlərdə görünən qürub şəfəqləri bir günəşin söndüyünü xəbər verir. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. Havaya yüksələn fəvvarə bir məqtulun köksündən fışqıran qanlar qədər heyrətvericidir. Hovuzlarda üzən ördəklər də “ölüm-ölüm” deyə qışqırmaqdadırlar. Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşü qanlı bir yatağın görüşünü qədər kədərəngizdir. Qızıl Arslanın işrət məclisi gecə saat ikiyə qədər davam etdi. Qonaqlar gedəndən sonra cariyələr hökmdarı götürüb öz otağına gətirdilər. Lakin gündüz saat on ikidən gecə saat ikiyə qədər davam edən işrət məclisi hökmdarın üzərinə hücum etmiş kədərləri dağıtmağa müvəffəq ola bilməmişdi, o, yataq otağına girdiyi zaman bir ah çəkərək: – Bu gecə nə qədər kədərli və qorxulu bir gecədir! – dedi. O, yerinin içərisində uzanıb düşünür və öz səhvinin nəticəsi olaraq düşdüyü yalqızlıqdan şikayətlənirdi. Ətrafında düşmənlərdən başqa kimsəni görməyirdi, sərhədlərdən gələn xəbərlər də onu rahatsız edirdi, paytaxt isə hadisələr və macəralar yuvasına dönmüşdü. O, bir daha gözlərini yumub ah çəkdi və: “Ey əcəl, tez gəl, bu dirilik məni həlak etdi” – dedikdə qulağı bir səs eşitdi: – “Hökmdar, əcəl sizin hüzurunuzdadır, icazə verin vəzifəsinə başlasın!”. Qızıl Arslan bu səsi eşidərkən diksinib gözünü açdı, öz qarşısında Hüsaməddini gördü, heç bir söz demədi. Onun nə üçün gəldiyini dərhal hiss etdi və: – Vəzifəni bitir! – dedikdə Hüsaməddin qılıncını beş dəfə onun üzərinə endirdi. * * * Atabəy sarayına və Qızıl Arslan sarayına qara çəkilmişdi. Qətibə saçlarını Qızıl Arslanın tabutu üzərinə töküb ağlayırdı; eyni zamanda Atabəy meydanında qırx dar ağacı cərgə ilə quruldu. Paytaxtda xalq arasında yayılmış şayiələrə görə Fəxrəddin və Əlaəddinlərin göstərişlərinə görə Həmədanda yaşayan azərbaycanlılar Qızıl Arslanı gecə öz sarayında öldürmüşlər. Otuz doqquz nəfər günahsız azərbaycanlı, Qızıl Arslan sarayının xidmətçilərindən də bir nəfər dara çəkiləndən sonra Qətibə Hüsaməddini öz yanına çağırdı və tapşırıq verdi: – Sən bu saat yüz nəfər atlı ilə bərabər Kəhran qalasına getməlisən. Hüsaməddin: – Nə üçün? Qızıl Arslanın ölüm xəbərini Toğrula yetirmək üçünmü? – deyə təəccüblə soruşdu. – Bu hadisəni xəbər vermək, eyni zamanda əlahəzrəti həbsxanadan azad edib böyük bir ehtiramla paytaxta daxil etmək lazımdır. – Zənn edirəm ki, bununla da sizin Toğrul ilə olan izdivacınıza imkan yaratmaq lazımdır, – deyə Hüsaməddin istehza ilə güldü. – Mən elə bilirəm ki, iki hökmdarı öldürməyi bacaran bir zat, uzaqgörücü siyasi düşüncəli bir zat olmalıdır. Sən bilirsən ki, Toğrulda hökumət və dövlət idarə edə biləcək şüur yoxdur. Lakin məmləkətin başında dəyərli olsun, dəyərsiz olsun, bir nəfərin durması lazımdır. Bu xalq nə sənin, nə də mənim oğlumun taxta oturmasını təsdiq etmək istəməz. Lakin Toğrul bu məmləkətin həqiqi varisidir. Biz onun vasitəsilə hər işi görə bilər, onun gözü qarşısında da evlənə bilərik. Hüsaməddin, sənə and içirəm! Mən onun qadını olmayacağam, onunla mənim aramda gedən izdivac müzakirələrinin hamısı oyundur, mən onu aldadırdım, o da vaxt qazanmaq üçün məni aldadır və süründürürdü. Ağıllı ol, Toğrul taxta oturmadan tabuta girə bilməyəcəkdir. Onu da bilməlisən ki, bundan sonrakı vəzifələr mənim öz öhdəmdədir. Toğrulu burada, Əbubəkri isə Təbrizdə məhv etdirəcəyəm. Qətibə bunları danışdığı zaman Hüsaməddin də öz xəyanətinin tarixini əzbərləyir və Qətibənin macərası nəticəsində məhv olan günahsızların miqdarını sayırdı. Hüsaməddin iki hökmdar, altmış nəfər də sırf günahsız adamın edam olunması məsuliyyətini daşıyırdı. Bunların müqabilində isə fəqət beş dəfə Qətibənin dodaqlarından öpə bilmişdi. Artıq o yorğun idi, ümidsizlik özünün bütün çılpaqlığı ilə ona görünməyə başlamışdı. Qətibə onun gözlərinə baxdığı zaman onda qeyri-adi bir düşüncə doğduğunu dərhal hiss edərək qorxdu və qəlbində: “İki hökmdarı məhv edə bilən, bir Qətibəni də həyatdan ayıra bilər” – deyərək titrədi və düşündü: “Mən istəsəm bu saatın özündə Hüsaməddini Qızıl Arslanın qətlində töhmətləndirib edam etdirə bilərəm, lakin Hüsaməddin gələcəkdə yenə də mənə lazımdır. O, artıq vicdanını uduzmuş bir adamdır. O öz nicatını, xəyanəti davam etdirməkdə aramaqdadır. Bu təbii haldır, çünki mən onu bu xəyanətə alışdırmışam. Mən bu işə başqasını hazırlaya bilməyəcəyəm, çünki gənclik uzaqlarda qalmış, gözəllik isə dağın arxasına çəkilən günəşin son ziyaları qədər bir ömrə malikdir. Bundan sonra heç bir ağılsız gənclikdən uzaqlaşan bir qadını əldə etmək üçün əlini qana batırmaz”. Qətibə həmin fikirlərdən sonra Hüsaməddinə tərəf gəlib əlini onun çiyninə qoyaraq dedi: – Əziz dostum, mən iki məsələni həyata keçirmək üçün çalışıram. Onlardan birisi oğlumun vəliəhdliyini təsdiq etdirmək, ikincisi də səninlə qurmaq istədiyim ailə həyatını maneəsiz yaşatmaqdan ibarətdir. Maneələrin çətini və qorxulusu aradan qaldırıldı. Toğrulun mövqeyi sabunun köpüyü qədər də möhkəm deyildir. Lakin o bizə lazımdır. Ümumi təhlükəni yalnız onu taxta əyləşdirməklə aradan qaldıra bilərik. Sən görürsən ki, Qızıl Arslanın tabutu aralıqdan qaldırılmadan iraqlılar məmləkəti bölüşdürmək üçün layihə düzəldirdilər. Məmləkət başqalarının əlinə keçərsə, sən Hüsaməddinin və mən Qətibənin nə kimi bir əhəmiyyəti ola bilər? Bizim hər ikimizi bir xain və bir qatil kimi cəzalandırar və rüsvay edərlər. Biz öz arzularımızı iki nəfər adi adam kimi deyil, iki nəfər hökmran kimi həyata keçirməliyik. Bunun üçün də Toğrulun təcili surətdə Həmədana çağırılması lazımdır. Çünki bizim iqbalımız onun iqbalına bağlıdır. Bu məmləkəti ancaq onun vasitəsilə öz əlimizə keçirə bilərik. Sənə mühüm bir məsələni də xatırladıram. Artıq şəxsi məsələləri irəli çəkməyin vaxtı deyil, biz bununla hər bir şeyi uduza bilərik. Əvvəlcə məmləkəti öz əlimizdə təhkim etməliyik, sonra da izdivac məsələsini həyata keçirməliyik. Sən Hüsaməddin adi bir qəhrəmansan, sənin kimilər çoxdur, sənin şərəf və şöhrətin bir məmləkətin mələkəsinə evlənməkdən asılıdır. Hüsaməddin qəlbində Qətibənin dedikləri ilə yüz faiz razılaşdı, o bu məsələlərin Toğrul ilə bitəcəyinə inandı, eyni zamanda yenə də: “Yolun yarısından qayıdıb qaçmaq da ağılsızlıqdır. Mən artıq əlimi qana boyamışam” – deyə düşünürdü. Bu fikrin təsiri ilə də Qətibəyə dedi: – Eybi nədir? Mələkə dediyi kimi olsun. Lakin səbrin də bir intihası olmalıdır. Ancaq mələkə də onu bilməlidir ki, mən bu həyatın şəklini dəyişməyi də bacara bilərəm. Qətibə yenə də nəsihətverici bir vəziyyət alıb: – Sən öz üzərində olan tarixi ləkələri ancaq mənim razılığımı əldə etmək və dediklərimi həyata keçirməklə öz üzərindən təmizləyə biləcəksən, – dedikdə, Hüsaməddin də: – Mən bütün həyatımı müharibələrdə keçirdim. Üzərimdə olan ləkələri bir qadının rizasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür, – dedi. Qətibə onun sözündən ölüm təhdidini anladı və cavabında: – İki padşahın məsələsini həll edə bilən qadın, adi bir şəxsin məsələsini də həll edə bilər, – dedi. – Siz adi bir adamla iş tutmayırsınız. Bir də bəzən adi adamlar da fövqəladə hadisələr yaratmağı bacarırlar. – Etiraf edirəm. Sən danışdığın məsuliyyətin bir hissəsi də mənim öhdəmdədir. Tərəzinin bir gözündə sən, ikinci gözündə isə mən durmuşam, bizim ikimizdən birimiz müvazinəti itirmiş olursaq, ikimiz də məhv olarıq. Ölmək və öldürmək düşüncələri imkansızlıqdan doğur. Mən sənə dirilik yolunu göstərdiyim zaman sənin ölüb və öldürmək haqqındakı düşüncən yersizdir. Mən zənn edirəm ki, sənin bitirdiyin vəzifələr bir şüursuzluğun nəticəsi deyil. Madam ki, bu vəzifələri bir məqsədlə əsaslandırmışsan, o zaman vəzifəni tamamlamaq işində yabançı fikirlərə imkan verməməlisən. Mən sənin aralığa sürdüyün şəxsi arzulara bu saatın özündə cavab verə bilərəm. O bir neçə dəqiqənin işidir. Lakin mən sənin vicdan və şərəfini ləkələndirməmək üçün bunu istəmirəm. Mən istəyirəm ki, sən mənə bir fahişə kimi deyil, öz ərinə sadiq, şərəfli, namuslu bir qadın kimi sahiblənəsən. Mən sənin bəzi xırda tələblərini həyata keçirməklə sənə öz sevgimi və məhəbbətimi bildirmək istəmişəm. Sən bilirsən ki, mən Atabəy Məhəmmədi sevmirdim, onunla uzun illər yaşadığım zaman ancaq bir uşaq anası oldum. Çünki o məni sevgimdən ayırmışdı, o məni sənin əlindən alaraq sahiblənmişdi. Mən şairdən sonra səni intixab etmişdim, lakin o, mənim arzularıma maneə törətdi, bunun üçün də ondan intiqam aldım. Lakin bu intiqam bir şəxsin həyatında deyil, bir xanədanın şəxsində həyata keçirilməlidir. De görüm, sən bu işdə axıra qədər iştirak edəcəksənmi? Hüsaməddin: – İştirak edəcəyəm, – dedikdə, Qətibə onun boynunu qucaqlayaraq dodaqlarından öpdü və əvvəlki sözlərini təkrar edərək: – Bir az da səbr et, mənim ruhum, dalısı sonra! – dedi. * * * Toğrul Həmədana gələn kimi Qətibə Atabəy sarayını təziyə məclisinə çevirmişdi. O, Toğrul ilə görüşməyə tələsirdi, birinci dəfə ancaq təziyə bəhanəsilə görüşə biləcəkdi. Çünki Toğrul Həmədana gələn gündən bəri nə Qətibəni yanına çağırmış, nə də onun görüşünə getmişdi. Çünki Toğrul Qətibə ilə yaxınlaşmağın azərbaycanlılardan uzaqlaşmaq demək olduğunu çox aydın bir surətdə bilirdi. Buna görə də o, Qətibənin gözünə görünmək istəmirdi. Lakin Qızıl Arslanın təziyəsi Toğrul ilə Qətibənin görüşünə səbəb oldu. Qətibənin qarşısında duran təzə məsələ olduqca mürəkkəb bir məsələ idi. O, Toğrul ilə həll ediləcək bu məsələlər haqqında belə bir layihə hazırlamışdı: Toğrula ərə gedəcək, oğlunu vəliəhd, özünü isə mələkə elan etdirəcək idi. Öz bacısı Təliə vasitəsilə Əbubəkr ibn Məhəmmədi Təbrizdə zəhərləyəcək, sonra da Hüsaməddin vasitəsilə Toğrulu məhv edəcək və oğlunu padşah elan edəcəkdi. Bu tədbirlərin hər üçünü həyata keçirmək çətin idi. Əvvəla, Toğrul onu aldadır və ona evlənmək istəmirdi, çünki o, heç vəchlə oğlu Məlikşahın varisliyini Qütlüğ ilə əvəz etmək istəmirdi. İkincisi, Təliənin Əbubəkri zəhərləyə biləcəyi şübhəli idi. Çünki Təliə ilə Əbubəkrin məktublaşması onların arasında bir sevgi mövcud olduğunu göstərirdi. Üçüncüsü, azərbaycanlıların Əbubəkrdən başqa birisini vəliəhd tanımaq istəməməsindən ibarət idi. Toğrul, Qətibənin Qızıl Arslana təziyə saxladığını eşidərək cariyəsi Cadunu axşam saat səkkizdə Atabəy sarayına göndərib baş sağlığına gələcəyini xəbər vermişdi. Axşam saat səkkizdə Toğrul Qətibənin otağına daxil olduğu zaman, onu başından ayağına qədər qara ipəyə bürünmüş gördü. Qətibə onu qarşıladı və ağlayaraq: – Əlahəzrət! Bədbəxt və mərhum qardaşınızın tərəfindən başınız sağ olsun. Düşmən öz işini işlədi. Nə etmək? Bizim xanədanın iqbalı belə məsləhət görmüşdür. Toğrul Qətibəyə təsəlli verib dedi: – Müsibətimiz olduqca böyükdür. Əcəba, qatillər həbsə alınmışdırmı? – Bəli, alınmışdır. Haman gün edam etdirdim. Toğrul dərhal məsələni anladı. Çünki Atabəy Məhəmmədin qətlində də Qətibə dəlləyi dərhal qətl etdirib, cinayətin ifşa edilməsinə imkan verməmişdi. Toğrul Qətibəyə sual verdi: – Qardaşımı öldürənlər kim idi? – Azərbaycanlılar idi. – Onların bu cinayəti işləmələrinin səbəbi nə idi? – Onları bu cinayətə məcbur edən Fəxrəddin və Əlaəddindir... Onlar Əbubəkri hökumət başına keçirmək istəyirlər. Qatillər bunların hamısını boyunlarına götürdülər. Toğrul bu ölümün mündəricəsini çox gözəl bilirdi. Lakin Qətibəni ayıq salmamaq üçün Qətibəyə yavaşdan dedi: – Elə isə Əbubəkrin barəsində düşünmək lazımdır. Zənnimcə, onu paytaxta çağırıb burada məhv etmək lazımdır. Qətibə buna etiraz edərək: – Bu fikir ilə razılaşa bilmərəm. Əvvəla, o bizə inanıb Həmədana gəlməz, buna azərbaycanlılar da imkan verməzlər. Çarəsi birdir: Toğrul həzrətləri Əbubəkrin vəliəhdliyini təsdiq etməlidir. Toğrul təəccüblü bir sual verdi: – Onun vəliəhdliyini təsdiq etməkmi? – Bəli, təsdiq etmək. Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. Mən haman fərmanı götürüb Azərbaycana gedərəm. Orada Qızıl Arslanın təziyəsini saxladığım zaman Azərbaycan ziyalıları ilə görüşüb onların fikrini öyrənərəm. Eyni zamanda özümlə bərabər Azərbaycana götürəcəyim Təliənin vasitəsilə Əbubəkrin ölümünə zəmin hazırlaya bilərəm. Burası çox da çətin deyil. Tədbiri həyata keçirəndən sonra, saray cariyələrindən birini edam etdirər və şəhərə belə bir şayiə buraxdıraram: “Vəliəhdi sevmiş cariyə onu Təliəyə qısqanaraq zəhərləmişdir”. Qətibə bu sözlərdən sonra Toğrula sual verdi: – Əlahəzrət mənim bu fikrimi bəyənirmi? – Təqdir və təbrik edirəm, mələkənin bu işlərdə olan təcrübə və maharətini bilməmiş deyiləm. Bu vəzifələr layiqilə həyata keçəndən sonra başqa maneələri aradan götürmək çox çətin deyil. Çünki Əbubəkr aradan götürüləndən sonra azərbaycanlılar ümidsizliyə düşəcəklər, çünki onların vəliəhd namizədliyinə başqa adamları yoxdur. O zaman sənin oğlun heç bir maneə görmədən vəliəhdin mərtəbəsini işğal edər. Mən də hadisələrdən yorulmuşam, səhhətim pozulubdur, mələkə ilə bərabər istirahətə başlanq, vəliəhdliyi Qütlüğ İnanc, hökmdarlığı isə oğlum Məlikşaha tapşıranq. Qətibə Toğrulun bu sözlərindən sevindi, bütün məsələləri bitmiş hesab etdi və son sualını verdi: – Bəs mənim öz məsələm necə olsun? – Mələkənin məsələsi bizim şəxsiyyətimizə dair məsələlərdəndir. Qızıl Arslanın təziyəsini başa verəndən sonra, yenə də paytaxta qayıdarsınız. O zaman vəliəhd Əbubəkr də aradan götürülmüş olar. Burada sizin mələkəlik və oğlunuzun vəliəhdliyini elan edərik. Toğrulun bu yağlı sözlərindən sevinən Qətibə hönkür-hönkür ağladı, gözlərində oynamağa başlayan şadlıq buludlarının ilk damcıları düşməyə başlayaraq ağlaya-ağlaya dedi: – Mən bu günləri böyük bir intizarla gözləyirdim. Mən ancaq əlahəzrətin kölgəsini öz üzərimdə gördüyüm zaman özümü xoşbəxt hesab edə biləcəyəm. Toğrul isə bunun cavabında: – Gözəl və möhtərəm mələkə, dediklərimin səmimi olduğuna inana bilər, – deyərək vidalaşdı. * * * Sevgi və zəhər Atabəy Məhəmmədin mələkəsi Qətibənin Təbrizə gəlmək xəbəri Azərbaycan hökuməti dairələrində o qədər də səmimi qarşılanmadı. Lakin Əbubəkr rəsmi olaraq Qızıl Arslan sarayında lazımi hazırlıq görülməsinə əmr vermişdi. İstiqbal mərasimi isə düzəldilməmişdi. Qətibə bunu heç bir vaxt xəyalına gətirmirdi, o, özünün Təbriz altında əyan və ruhanilər tərəfindən qarşılanacağına inanırdı. Lakin o, Vasmınc şəhərinə yetişdiyi zaman özünün arzularından bir əsər qalmadığını gördü. Bir nəfər də olsa istiqbala çıxan yox idi. Buna görə də onun qafiləsi Vasmıncda bir gün qalmaq və mələkənin şəhərə yaxınlaşdığını vəliəhdə xəbər vermək qərarına gəlmişdi. Bir gün əvəzinə Vasmıncda iki gün oturdular, lakin istiqbala çıxan olmadı. Nəhayət, onlar şəhərə gecə vaxtında girmək üçün Vasmınc şəhərindən çox təxirlə çıxdılar və gecədən çox keçmiş şəhərə girdilər. Qətibənin qafiləsini Qızıl Arslanın sarayının qarşısına qədər küçə dilənçiləri ilə bazar qarovulçuları müşayiət etdi. Təbriz xalqının Qətibəyə qarşı qoyduğu bu etinasızlıq Azərbaycan xalqının ona bəslədiyi böyük bir nifrətin kiçik nümunəsi idi. Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxtrəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. O, Təbrizə gəlməyindən tamamilə peşman olmuşdu, qanı qaralmışdı, öz-özünü söyürdü. O, özünün nə qədər alçaldığını hiss edir və düşünürdü. Taxt-rəvan Qızıl Arslan sarayının qarşısına yetişdiyi zaman vəliəhdin özü və bir dəstə saray xidmətçiləri onu qarşıladılar. O, Qızıl Arslan sarayına matəm libasında girdi, vəliəhdi qucaqlayıb öpdü və ağlaya-ağlaya: – Əziz oğlum! Əmin tərəfindən başın sağ olsun! – dedi. – Bizim qəlbimizə ikinci yaranı vurdular. Bu yaralar sağalmaz yaradır. Xanədanımızı məhv etmək üçün düşmənlərimiz hər cür alçaqlıqlara hazırdır. Oğlum! Bundan sonra öz həyatını qorumalısan. Vəliəhd ögey anasının bu sözlərindən həddindən artıq kədərləndi, lakin Qətibənin yanında onun kiçik bacısı Təliəni gördüyü zaman onda əski sevgilər bir daha coşdu. Qətibə Təbrizə gəldiyinin birinci günü Qızıl Arslanın təziyəsini elan etdi. Qulplu qazanlar asıldı, yeddi gün, yeddi gecə Təbriz məscidlərində fəqirlərə və dilənçilərə yemək verildi. Seyidlərə, mollalara və müctəhidlərə ehsanlar və hədiyyələr göndərildi. O, Təbrizə gəldiyinin onuncu günü Təbriz əyan və ruhanilərindən bir hissəsini hədiyyələr və ehsanlar nəticəsində ətrafına yığa bildi və böyük bir məclis tərtib etdi. Vəliəhdin katibi, Toğrul tərəfindən göndərilən fərmanı məclisdə oxudu: “Azərbaycan, İraq, Rey və İranın hökmdarı Məlik Toğrul Əbubəkr ibn Məhəmməd ibn Eldənizin vəliəhdliyini təsdiq edir və ona bir şahanə xələt göndərir”. Katib fərmanı oxuyandan sonra qiymətli bir xələt gətirib vəliəhdin çiyninə saldılar. Qətibənin bu sadə və ucuz tədbirləri nəticəsində Toğrul üçün geniş və faydalı bir mövqe qazanıldı. Azərbaycanlılar Toğrulun Əbubəkrin vəliəhdliyinə dair göndərdiyi fərmanı böyük bir şadlıqla qarşıladılar və Toğrulun taxta cülus etdiyi günü təbrik etmək üçün nümayəndələr göndərdilər. Qətibə bu müvəffəqiyyəti əldə edəndən sonra ikinci vəzifəsinə başladı. O, Təliə ilə vəliəhdin arasında mövcud olan sevgiyə öz məzmununu vermək istədi. Lakin Təliəyə bu fikri birdən-birə izah etmək istəmirdi. Təliə günün birində Qətibənin otağına girdiyi zaman Qətibənin hönkür-hönkür ağladığını görüncə heyrətləndi və Qətibənin qarşısında atası Əmir İnancın paltarlarını gördü. Təliə də libasın ətrafında oturub Qətibə ilə bərabər bir qədər ağladı. Sakit oldular, nəhayət, Qətibə əlini Təliənin saçlarında gəzdirərək dedi: – Bədbəxt qız, sən öz atanın nə kimi mehriban və məhəbbətli bir zat olduğunu bilmirsən, çünki o, məhv edilən zaman sən körpə idin. Atanı asdılar, yazıq anamız da kədərindən xəstələnib öldü. Təliə bu sözlərdən sonra: – Sənin əlində ixtiyar olduğu zaman atamın qatillərindən intiqam almağı bacarmadınmı? – İntiqam alıram, yenə də alacağam, əsas məqsədə nail olmaq üçün hökuməti ələ almaq lazımdır. Atanın intiqamını almaqdan ötrü sənin bacın oğlu Qütlüğün hökumət başına keçməsinə çalışmalısan. Sən bu intiqamlara tərəfdar deyilsənmi? Əcəba, sən atanın qatillərindən intiqam almağa tərəfdar deyilsənmi? Sən bacın oğlunun Azərbaycan taxtına oturmasına tərəfdar deyilsənmi? – Ah, bacım, mən nəçiyəm? Mənim əlimdən nə gələr? – deyə Təliə cavab verdi. – İqbalımız bu imkanı sənin əlinə tapşırmışdır. Təliə bu sözdə heyrətli baxışla Qətibənin üzünə baxaraq soruşdu: – Mənim əliməmi? – Bəli, yetim bacım, sənin əlinə. Bilmirəm sən atanın intiqamını almağa qabilsənmi? – Əlimdən gələnləri əsirgəməyəcəyəm. – Vəliəhd ilə olan əlaqən nə yoldadır? Təliə cavab vermədi. Qətibədən utanıb başını aşağı saldı, əllərinə baxmağa başladı. Nəhayət, Qətibə bir də sual verdi: – Vəliəhd ilə olan əlaqən barəsində soruşdum. – O məni qəlbən sevir. – Sən də onu sevirsənmi? – Bacım mənə ixtiyar vermədən, o cəsarəti edə bilərəmmi? – Mən heç vaxt o ixtiyarı sənə verməyəcəyəm, onlar sevməli adamlar deyil. Onların sevgiləri yalan sevgidir. Onları bu hökumətə təsdiq edənlər bizim atamızın qatilləridir. Onlar özü də bizim düşmənimizdir. Vəliəhdin atası əvvəlcə mənim ayaqlarıma düşürdü, tacını mənim qədəmlərimə atır və taxtını mənimlə qiymətləndirmək istəyirdi. Lakin onun məhəbbəti mənim bir uşaq anası olduğum günə qədər davam etmədi, vəliəhdin anasını mənim başıma aldı. Biz bunları məhv edib bitirmədən atamızın qatillərindən intiqam ala bilməyəcəyik. Hazırda vəliəhdin tutduğu mövqe sənin bacın oğlunun əlindən alınmışdır. Təliə düşünərək ümidsiz bir vəziyyət almaqla sual verdi: – O, öz mövqeyini mənim bacım oğluna güzəştə gedə bilərmi? – Heç kəs öz mövqeyini başqasına tərk etməz. Yüksək mövqeləri məcburiyyət nəticəsində əldə edirlər. Mən bu vəzifəni öz doğma bacıma tapşırmaq istəyirəm. – Mən nə etməliyəm? – Vəliəhdi öz cariyələrindən sevən vardırmı? – Hüsniyə adlı bir cariyənin vəliəhdi sevdiyini bilirəm. – Sən onu haradan bilirsən? – Mən daima vəliəhdin otağından çıxdığım zaman onun qapının dalında durub ağladığını görürəm. – Əvvəla sən ondan ehtiyatlı olmalısan. O, vəliəhdə qısqandığı üçün səni məhv edə bilər. – O mənə heç bir şey edə bilməz. Çünki mən heç bir zaman vəliəhdlə bir yerdə yeyib-içmirəm. – Hərgah indiyə qədər yeyib-içmirsənsə bundan sonra onunla birlikdə yeyib-içməlisən, çünki həyata keçirmək istədiyimiz məqsəd bunu tələb edir. – Nə kimi məqsəd? – Vəliəhdi zəhərləyib hökmdarlığı İnanc ailəsinə tapşırmaqdan da müqəddəs bir məqsəd ola bilərmi? Qətibənin bu sözündən sonra Təliənin bütün varlığı titrədi və qız qorxdu. Qətibə isə ondakı qorxunun dərinləşməsinə imkan verməmək üçün sözünü davam etdirdi: – Sən ona zəhəri içirən kimi, mən də onu sevən Hüsniyə adlı cariyəni həbsə aldırıb vəliəhdi zəhərlədiyi üçün edam etdirəcəyəm. Azərbaycanlılar da cariyənin qısqanclıq təsirində vəliəhdi zəhərlədiyi şayiələrini eşidəcəkdir. – İndi də görüm sən mənim bu tədbirimi bəyənirsənmi? Təliə ona yavaşdan cavab verdi: – Bəli, bəyənirəm, – dedi və dərin bir düşüncənin qoynuna girdi. Qətibə qoynundan balaca bir şüşə çıxarıb: – İndi ki, fikrimi bəyənirsən, al bu zəhəri, sabahdan etibarən işə başla, – deyərək şüşəni ona uzatdı və əlavə etdi: – Söz verirsənmi? – Bəli, söz verirəm! * * * – Mən heç də inana bilmirəm, hərgah sənin dediklərin doğru olsaydı, iki şeydən birisi olmalı idi. Əbubəkr Təliənin bu sözlərindən sonra ona sual verdi: – Dediyin iki şey nədən ibarətdir? – Onu sən bilmirsənmi? – Xeyr, bilmirəm. – Sən daima deyirsən ki, Təliə, səni heç bir vaxt unuda bilmirəm. Hərgah bu doğru olsaydı, ya mən Təbrizdə olmalı idim, yainki sən Həmədanda yaşamalı idin. Belə deyilmidir? – Mən Təbrizdə olsa da, daima sənin sevgini öz qəlbimdə yaşadırdım. – Mən yaşadıqca o sevgi də sənin qəlbində yaşayacaqdırmı? – Sevgi ölməz şeydir. O daima gəncdir. O qocalmaq bilməz. – Belə deyil. İnsanlar həyatının bir dövrünü sevgi, başqa bir dövrünü də sevginin xatirələri ilə başa verib bitirlər. Məncə əbədi qalan şey sevginin özü deyil, onun unudulmaz xatirələridir. Zənnimcə, vəliəhdin qəlbində yaşayan, mənə olan sevgisi deyil, o sevginin xatirələridir. Vəliəhd güldü və Təliənin üzünə diqqətlə baxaraq dedi: – Zənnimcə, bir gəncin sevgisi hələ inkişaf dövrünü bitirmədən xatirə şəklinə düşə bilməz. Sevgi dünyasında yaşamadan, onun eniş və yoxuşunu görüb, isti və soyuğunu çəkmədən əvvəl ondan xatirələr almaq fikri doğru fikir deyildir. Mənim Təbrizdə, sənin isə Həmədanda olduğuna gəldikdə, bilməlisən ki, müvəqqəti ayrılıq sevginin inkişafı üçün geniş bir yol açmış olur. – Təbiət insanda qəlbləri oxumaq qabiliyyətini yaratmış olsaydı, dünyada sevgi və məhəbbət sözləri bu qədər uzun ifadələrə səbəb olmazdı. – Mən bunu əksinə düşünürəm. Təbiət insanlarda qəlbləri oxumaq imkanını yaratsaydı, insanlar bir-birinin haqqında fəna düşünməkdən utanar, birliyə çalışar və ikiüzlülüyə öyrənməzdi. Xüsusən gözəl Təliə də mənim qəlbimi oxuya bilərdi və özünə məlum olmayan həqiqətlər haqqında məlumat əldə edərdi. – O həqiqət hansı həqiqətdir? – Sənin inandığın sevginin həqiqətləridir. – Mən səndə bir sevginin mövcud olduğuna inanıram, çünki dünyada sevgisiz insan ola bilməz. Vətənini sevən, millətini və qohumunu sevən, insanlığı sevən, elmi, fənni sevən, məzlumları, əzilənləri və sairələri sevənlər vardır. Bunların içərisində gözəlliyi, şeri, ədəbiyyatı sevənlər də az deyil. Vəliəhddə bu saydıqlarımdan birisi olmamış deyildir. Mənim bilmədiyim bir şey varsa, o da vəliəhdin bu saydıqlarımdan hansı birini sevməsindən ibarətdir. Şeri sevdiyini bilirəm, çünki sənin məşhur şairləri oxuduğunu görmüşəm. – Demək ki, gözəl Təliə mənim gözəlliyi təqdir etdiyimi bilirmiş?! – Xeyr, mən gözəlliyi demədim, şeri sevdiyini dedim. – Onların ikisi də birdir; şeir gözəllik, gözəllik də şeirdir. Şeirdə işlənən bədiilik kəlməsinə lazımi məna vermək mümkün olsaydı, ona ancaq gözəllik adı verilə bilərdi. Gözəl bir qızın söhbətindən alınan bədii nəşələrin, bədii şeirdən alınan nəşələrdən heç də fərqi yoxdur. Lakin mən gözəl Təliənin şeir sevmədiyini bilirəm. – Bunu sən haradan bildin? Bu fikrin doğru fikir deyildir. – İki gözəl bir-birini sevməz, çünki sən də gözəlsən, şeir də gözəldir. – Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqilə oxuyanları da dost tuturam. Vəliəhd bu sözdə Təliəyə sual verdi: – Əcəba, mən şeri yaxşı oxuya bilmirəmmi? – Çox gözəl oxuyursan. Mən daima sənin şeir oxumağını sevirəm. – Ancaq şeir oxumağımı sevirmənmi? Özümü sevmirsənmi? – Nə üçün sevmirəm, sevə bilərəm, lakin bir şərtlə! – Hansı şərtlə? – Mənim sevə biləcəyim şeirləri oxumaq, sevmədiyim şeirləri atmaq şərtləri ilə. – Sən bilirsən ki, mən daima Şərqin məşhur şairi Nizamini oxuyuram. Əcəba, bu şeirlər səni maraqlandırmırmı? – Xeyr, maraqlandırmır, çünki incə şeir yazan hər cəhətcə incə olmalıdır. Mən heç bir zaman Nizamini sevə bilmərəm. – Nə üçün? Sənin o möhtərəm şairə qarşı bəslədiyin bu nifrətin səbəbi nədir? – Çünki o, azərbaycanlıdır. O mənim atamın qatilləri yaşayan bir şəhərin şairidir. – Nə qədər yanlış fikir! Bilmirəm, bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. O möhtərəm şairi hər kəs sevmirsə sevməsin, lakin sən Təliə onu sevməli və ona hörmət bəsləməlisən. Təliə qaşlarını dartaraq soruşdu: – Hansı səbəblər üçün? – Çünki sənin həyatın ona minnətdardır. O, Gəncə hadisəsində səni yanğınların içərisindən çıxarıb evinə aparmışdı. Sənin xəstələnmiş ananı öz evində mühafizə edib ölümdən qurtarmışdır. Sən onun qadını Rənanın döşlərini əmib bütün bir ayı orada yaşamışsan, sonra da sənə və anana kömək verib bacının yanına göndərmişdir. Sən Təliə, bununla fəxr etməlisən, çünki az bir müddət olsa da, böyük şairin şeir yaratdığı xəzinədə yaşaya bilmisən. – Bəs nə üçün haman şairin adı çəkildiyi zaman mələkə acıqlanır? – Gözəl qız, onun tamamilə başqa bir mənası vardır, vaxtı gələrsə onu da biləcəksən. Təliə bu sözdən sonra vəliəhdin yaxasını buraxmadı, mələkənin Nizamidən incidiyinin səbəbini öyrənməyə tələsdi. Yalvardı, yaxardı, bir qədər də nazlanaraq vəliəhdi razı saldı. Vəliəhd gəlib Təliənin yanında oturdu və Qətibənin Nizamiyə qarşı bəslədiyi nifrətin səbəblərini danışmağa başladı: – Gözəl qız! Bir piyalə zəhəri içmək mümkündür. Lakin ürəyin sevmədiyi bir adama sevgi elan etmək mümkün olan işlərdən deyil. Bir məhəbbəti sərvət və gözəllik ilə də qazanmaq olmaz. Çünki sevgi vicdani bir məsələdir. Buna görə də səni sevə bilməyən bir adama düşmən kimi baxmamalısan. Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. Dünyada saxtalığı, ikiüzlüyü, riyanı və hiyləni sevməyən təmiz və simimi bir şey varsa, o da sevgidir. Hazırda sənə danışdığım bu həqiqətlərin səbəbi nədir ki, bacın mələkə möhtərəm şair Nizamiyə haqsız olaraq nifrət bəsləyir və onun adını eşitmək istəmir. Təliə bu söhbətdən maraqlandı, illərdən bəri onu düşündürən bir müəmmanın açarını tapmağa başlayaraq vəliəhdə sual verdi: – Əcəba, şair bacımı sevirdimi? – Xeyr, bacınız onu sevirdi. Təliə bunu eşidərkən fikirli-fikirli yavaşdan danışdı: – Demək ki, şair bacımın sevgisini rədd etmişdir. O haqlı olsa da, bacım da haqlıdır, çünki bir qızın sevgisini rədd etmək, onu həmişəlik təhqir etməkdir. Vəliəhd bununla Təliədə dönüş yarada bilmədiyini görüb əlavə etdi: – Şair sənin bacının sevgisini rədd etməyə məcbur idi. Çünki sənin bacın ona sevgi elan etmədən əvvəl, haman şair qəlbini başqasına vermişdi. – O kimi sevirdi? – O, səni döşlərində əmizdirən qadını sevmişdi. İndi özün bir təsəvvür et, sənin bacın bu ədavətində haqlıdırmı? – Haqlı deyil! – Təliə bu sözü deyərək yenə də fikrə getdi, vəliəhdin dediyi həqiqətlər onun qəlbində ciddi bir dönüş yaratdı. Bacısının vəliəhdi zəhərləmək barəsində verdiyi tapşırıqlar onu rahatsız etməyə başladı. Təliə qəlbində özünə sual verdi, yenə də özü öz sualına cavab verirdi! “Əcəba, o məni qəlbən sevirmi? Şübhəsiz ki, sevir. O məni sevməsəydi, məni gördüyü zaman bütün varlığı ilə titrərdimi? Əcəba, mən onun rənginin dəyişdiyini görmürəmmi? Ürəyinin çırpıntısını eşitmirəmmi? Bu qədər həyəcan və çırpıntı nədən ötrüdür? O məndən qorxduğu üçün deyil, məni sevdiyi üçün bu həyəcan və bu çırpıntıları keçirir. Əcəba, səni bu qədər sevən və özün də sevdiyin bir adamı nə kimi bir vicdanla məhv edə bilərsən? Bir halda ki, neçə ildən bəri ondan sevgi və hörmətdən başqa heç bir şey görməmisən. Sən o sevgi və ehtiramı nə ilə qarşılamalısan? Sevgilərləmi? Yainki məhvedici zəhərləmi? Əlbəttə, mən onu sevgilər və hörmətlərlə qarşılamağa məcburam. Özü də sevimlidir, qəhrəmandır, gözəldir, gəncdir, mən ürəyimi bundan da başqa kimlərə verə bilərəm?!” Vəliəhd Təliəni düşdüyü sükutun əlindən xilas etmək üçün danışdı: – Mən gözəl qızın bu qədər dərin düşüncəyə daldığının səbəbini bilsəydim, ona kömək edə bilərdim. Çox da düşünməyə gəlməz, həyatımızın günləri o qədər uzun deyildir, onu düşüncələrə, kədərə və yersiz fikirlərə qurban vermək nə lazım. Gözəl Təliə, insanı bu qədər düşünməyə məcbur edən yeganə bir şey vardırsa, o da imkansızlıqdır. Eyni zamanda imkansızlığın özü də insan üçün böyük bir təsəllidir. Madam ki, bir arzu, bir məqsədi həyata keçirməkdə imkansızlıq vardır, o zaman nə üçün düşünmək? Lakin elə bir zaman da olur ki, bir məqsədi həyata keçirmək üçün səndə imkan yoxdursa, bu imkan başqalarında vardır. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. Buna görə də səndə bir kədər oyandığı zaman, kədərinə səbəb olan vasitələri məndən gizlətmə, mən heç kəsə düşmən deyiləm, mən hamının səadətini istəyirəm. Bu sözlər Təliəni fikirlərin pəncəsindən qurtara bilmədi, çünki bacısının tapşırıqları ilan kimi onun qəlbinə sarılıb sıxırdı və hətta bacısının ona dediyi: “Sən onu sevməməlisən” sözünü xatırlayırkən qəlbən inləyir və ağlayırdı. O tez-tez gözlərin açıb vəliəhdə baxdığı zaman, öz qarşısında gülərüzlü, mənalı baxışlara malik, ucaboylu və ucafikirli bir gənc durduğunu görürdü. Təliə qəlbində danışır və deyirdi: “Çox ağıllı, çox da sadədir. Baxışında bir pəhləvan baxışının təsiri vardır. Həm də bir məmləkətin vəliəhdidir. Tutaq ki, bacım bunu sevməməyi mənə tapşırmışdır. Çox da ki, mən bacıma söz vermişəm. Dil ilə ürəyin arasında birlik olsaydı, bacım da öz qəlbini açıb mənə deyərdi. Bacıma söz verən qəlbim deyildi, dilim idi. Mənim qəlbim heç vəchlə buna razılıq verməmişdi”. Təliə sakit oturmuşdu, vəliəhdin dediklərini cavabsız buraxdı. Buna görə də vəliəhd ayağa qalxıb dedi: – Belə anlayıram ki, gözəl qız mənim danışıqlarımdan yoruldu, getmək istədiyi üçün də sözlərimi cavabsız buraxır. Elə isə mən gedirəm. Sən burada otur, indi mələkə də gələcəkdir. Lakin axşam yeməyini bir yerdə yeməliyik. Təliə “axşam yeməyi” sözünü eşidən kimi titrədi, çünki bacısının tapşırdığını axşam yeməyində həyata keçirməli idi. * * * Axşam yeməyindən sonra Qətibə acıqlanmışdı, çünki Təliə onun tapşırıqlarına əməl etməmişdi. Bu gün hər iş və hər şey hazırlanmışdı. Qısqanclıqdan vəliəhdə zəhər verməkdə töhmətlənəcək Hüsniyəni edam etdirmək üçün adamlar da hazır edilmişdi. Hətta cariyənin istintaqında iştirak edəcək şahidlər də Qətibənin sarayında oturub hadisənin baş verməsini gözləyirdilər. Qətibənin tapşırığı ilə hazırlanmış həkim də saraya çağırılmışdı, lakin Təliə tapşırığı təxirə salmışdı. Qətibə ilə Təliə yatmaq üçün otağa girdikləri zaman Qətibə ona acıqla baxıb: – Kişilərin yağlı və boyalı dilləri, zəhərdən daha qorxuludur, – dedi. – Xüsusən onlar sənin kimi avam və bacarıqsız qızlara rast gəlirkən, bir əjdahaya dönər və onların üzərinə nəfəs salarlar. İlan ovsunçudan qorxan kimi, sənin kimilər də kişiləri görərkən bildiklərinizi yadınızdan çıxarırsınız. Kişilər sizin dalınızca düşməkdənsə, siz kişilərin dalınca düşürsünüz. Axmaq qızlar kişiləri ancaq aldandıqları zaman tanıyırlar. Lakin ağıllı olan qadınlar, kişilər onları məhv etməyə macal tapmadan əvvəl onlar kişiləri məhv edirlər. Sən elə bilirsən ki, kişilər yerə göydən nazil olan bir məlaikədir. Sən elə bilirsən ki, onlar səni gözəlliyin və özlərinin vicdanları səbəbinə sevirlər. Bu fikirlər tamamilə səhvdir. Kişini sizə yaxınlaşdıran şəhvətin onların önündə qoyduğu məcburi tələblərdir. Sən mənim bacımsan, mən öz başıma gələn fəlakətin sənin də başına gəlməsini istəmirəm. Ağlını başına yığ. Kişilər səni qızlıq şərəfin məhv olan dəqiqəyə qədər sevə bilərlər. Onun atası mənə evləndiyi zaman: “Mən dünyada ancaq sənin üçün yaşayacağam. Göydə Allahı, yerdə isə gözəl qadınımı tanıyacağam” – deyə minlərcə fəlsəfə oxuyurdu. Lakin mən qızlığımı ona təslim edəndən sonra, göydəki Allahı da, yerdəki qadınını da tanımaq istəmədi. O mənim qızlıq şərəfimi mənimsəyəndən sonra yerdə başqa bir qadın axtarmağa və qəlbini məndən alıb başqasına tapşırmağa qədər tənəzzül etdi. Mən bu gözəlliklə onun qarşısında diz çöküb aylar uzunu ağladım və onu xəyanət fikrindən daşındırmaq istədim. Bununla o mənim izzət-nəfsimi, qürurumu və mənliyimi də əlimdən aldı. Məni yalvarmağa, alçalmağa məcbur etdi. O məni almaq istədiyi zaman tacını və taxtını mənim qədəmlərimə atdı, sonra da məni taxtın qarşısında diz çökdürdü. Buna görə də mən sənə bir kitabça söz demişdim, kişinin sevgi adı verdiyi hiylələrinə aldanmamağı tapşırmışdım. Çünki onların sevgilərinin ömrü bir gecəlik, verdikləri vədələrin həyata keçmək müddəti isə min illikdir. Kişinin iftixar edə biləcəyi bir şey onun çox qadın aldatmasıdır. Bunlar nə qədər çox qadın aldadırsa, özünü o qədər də mahərətli və sənətkar bir kişi hesab edərlər. Onlar həris və yorulmaz kəpənəklərdir. Hər anda bir çiçəyin üstünə qonub ondan şirə almağı sevirlər. Onlar yırtıcı canavar kimi bir gündə yüz heyvanı boğub murdar etməyi sevirlər. Bunun atası məni gözəl həyatdan məhrum etdiyi kimi, mənim oğlumu da varislikdən və vəliəhdlikdən məhrum etdi. Çünki mənim başıma aldığı qadın məndən gənc idi, onun oğlunu da mənim oğlumdan artıq sevirdi. Qətibənin söhbətləri Təliədə kişilərə qarşı dərin bir nifrət oyandırdı. O öz-özünə: “Hər nə olursa olsun, bu gün bacımın əmrini yerinə yetirəcəyəm. Bacım məndən hər cəhətcə ağıllı və tədbirlidir. Onun kişiləri tanımaq işində də təcrübəsi artıqdır. O mənim sevgili bacımdır, anam yerindədir, heç bir zaman məni əyri yola dəvət etməz. O mənim səadətimi istəyir, vəliəhdin sevgisi məni bədbəxtliyə çağırır. Bacım səadətin harada olduğunu məndən daha yaxşı bilir” – dedi və vəzifəsini bitirməyə qəti söz verdi. Qətibə isə Təliəyə bir daha tapşırıq verib dedi: – Sabah hər nə olursa olsun, gərək Təbrizdə böyük bir hadisə yaradasan, sabah gərək, öz əlimizlə Atabəy sarayında təziyə büsatı düzəldək. Ancaq o təziyədən sonra bizim ailəmiz bayram edə biləcəkdir. Biz gərək tezlikdə Həmədana qayıdaq, çünki Toğrul başlı-başına buraxılası adam deyildir. Eşitdin ki? Təliə yerinin içində yarıyuxulu bir halda: – Bəli, eşitdim! – dedi. Səhər saat doqquzda yenə də vəliəhdin cariyəsi gəlib Təliəni vəliəhdin yanına çağırdı. Təliə onun sarayına getmək istərkən belə düşünürdü: “Mən onunla çox danışmayacağam. Çünki o danışdığı zaman mən hər şeyi unuduram, onun söhbətləri o qədər şirindir ki, məqsəd bir tərəfdə qalır. Lakin bilmirəm, o, bu gün məni nahar yeməyinə dəvət edəcəkdirmi. Madam ki, o məni sevir, nə üçün də dəvət etməsin?” Qətibə Təliəyə son dəfə tapşırdı: – İşində möhkəm olmalısan. Bizim səadətimiz sənin yanında olan xırdaca şüşənin içindəki damcılardan asılıdır. Sən bu gün o şüşənin ağzını cəsarətlə açmalısan, bildin ki? – Bəli, bildim. – Təliə bunu deyərək yola düşdü. Təliə vəliəhdin otağına girdiyi zaman Hüsniyə onları tək buraxıb dışarı çıxdı. Təliə nə edəcəyini şaşırmışdı, durduğu yerində buzlayıb qalmışdı. O, həyəcanlı bir vəziyyətdə qorxa-qorxa vəliəhdin üzünə baxırdı. Həyata keçirmək istədiyi cinayətin dəhşəti onun bütün varlığını əhatə etmişdi. Bu fikirlərin dəhşəti onun varlığında getdikcə genişlənir və onun qəlbini çeynəyirdi. O yenə də qəlbində: “Yox, mən bu cinayəti həyata keçirə bilməyəcəyəm. Çünki o günahsızdır. Heç olmazsa məni bir dəfə təhqir etməmişdir ki, ondan intiqam almağıma imkan versin. Tutaq ki, kişilər aldadıcıdır. Bu heç bir zaman məni aldatmamışdır. Kişilər bir kəpənəyin xasiyyətində olsa da, bu başqa bir kəpənəkdir. Məhəbbətlidir, məşğuledicidir, şirin söhbətlidir”. Təliə bu mövzu üzərində çox uzun düşündü və yenə də qəlbində danışdı: “Yox, deyəsən elə mən bunu sevməyə başlayıram. Bacımın tapşırıqları yadımdan çıxmağa başlayır. Bilmirəm, mən bunu sevərsəm, axırı necə olacaqdır? Bunun atası bacımı aldadan kimi, özü də məni aldadarsa, mənim gələcəyim nə olar? O zaman məni kimlər himayə edər? Bacım bir daha məni yanına buraxmaz, çünki mən ona xəyanət etmişəm, onun sözündən çıxmışam”. Vəliəhd Təliənin olduğu yerində donub qaldığı və qeyri-təbii bir halda düşündüyünü görüncə ona sual verdi: – Sənin nəyi sevdiyini və nəyi də sevmədiyini bilsəydim, səni bu düşüncələrin əlindən xilas edə bilərdim. Gəncliyin böyük bir düşməni varsa, o da xəyal və düşüncədir. Təliə başını qaldırıb bir ah çəkdi və: – Sən məni bu kədərlərin pəncəsindən xilas edə bilməzsən. Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. Mən o qədər bədbəxtəm ki, mənə dost olanlar, məni sevənlər də, gərək özlərini xoşbəxt hesab etməsinlər. Rica edirəm vəliəhd, sən məni bu kədərlərin əlindən almağa çalışma, məni sevməyə can atma, sənin sevginin mündəricəsi nə olursa olsun, mən ona layiq deyiləm. Mənçə, bütün qızların iqbalı mənim iqbalım kimidir. Zahiri gözəlliyi çox qiymətli olan qızların mündəricəsi çox ucuzdur. Vəliəhd, sən bilirsən ki, şəxsiyyəti qiymətləndirən mündəricədir. Vəliəhd Təliənin söhbətlərindəki yeni mövzu və yeni mündəricəni görüncə onunla bir daha maraqlandı və bu mövzunu davam etdirməklə qızın əsas fikrini qəlbindən çəkib almaq istədi. – Eladır, – dedi, – insanlara can və rəngi verən təbiətdir. Ona mündəricə verən şey isə onun mühitidir. Təbiidir ki, qadının gözəlliyi onun mündəricəsi deyil, o təbiətin sadə bir rəngidir. Mündəricəsiz şəxsiyyət ola bilməz, çünki insanlar mühitə bağlıdır. Bəzən mühit və tərbiyə insanın mündəricəsini dəyişir, hərgah mühit insanın istədiyi mündərəcəni ona verə bilməzsə, insan mühitini də dəyişə bilər. Vəliəhdin bu cümlələri Təliənin qəlbini qıdıqladı. O öz mühitindən mənfi mündərice və mənfi bir sima aldığını dərhal hiss etdi, mühitinin onu caniliyə, qatilliyə qədər çıxardığını hiss edərək, varlığı sarsıldı. Vəliəhd isə sözündə davam edib deyirdi: – Bəzən mühit ən gözəl, ən mərhəmətli və sevimli bir qızı dəyişdirib ən dəni, alçaq və cani bir şəkldə də sala bilər. Təliə bu son sözlərdən rahatsız oldu və qəlbində dedi: “Heç şübhə yoxdur, vəliəhd mənim də düşündüyümü və nə kimi bir cinayətə hazırlandığımı bilir. Kişilər qadınların qəlbini oxuya biləcək qədər sənətkardırlar. Heç bir şübhə yoxdur ki, vəliəhd bacımın düşündüklərini tamamilə bilir. İnsan nə qədər nifrət ediləcək bir şəxsiyyətdir! Mən bu həyatdan nə qədər səadət görəcəyəm ki, hazırda keçirdiyim ağır dəqiqələrin acılığını unuda biləm? O şair nə üçün məni götürüb saxladı? Nə üçün o məni boğub məhv etmədi? O mənim gələcəkdə bu qədər ağır və acı dəqiqələr keçirəcəyimi bilsəydi, məni ölümdən qurtarmazdı. Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı”. Təliə bu sözlərdən sonra özü də bilmədən: – Ah şairlər, deyəsən siz gələcəyi bilirmişsiniz, – dedi. Vəliəhd də cavabında: – Doğru deyirsən Təliə! – təsdiqedici bir vəziyyətlə dedi. – Bizim hiss edə bilmədiyimiz bir çox incəliklər vardır ki şairlər hiss edə bilərlər. Doğrudur, onlar peyğəmbər deyillər, lakin onların kitabları vardır. Mədəni yaşamağın yollarını, qadınlığın əzəmət və qiymətini ancaq böyük bir şairin əsərlərindən öyrənmək mümkündür. Sənin sevmədiyin Nizami hazırda bəşəriyyət üçün təzə bir həyat qanunu və tərbiyə, əxlaq layihələri düzəldir. Sən fəxr et, öz böyüklüyü ilə dünyanın qucağında sığışmayan bir şair, vaxtilə səni qucağına alıb götürmüşdür. Onun günəşdən işıqlı olan kölgəsi aylarca sənin üzərinə düşmüş. Əcəba, bununla belə sən özünə bədbəxt deməyə haqlısanmı? Hazırda özünü bir məmləkətin başında gördüyü zaman xoşbəxt hesab edənlər, o xoşbəxtliyi səninlə tamamlamaq arzusundadır. Dünyanın mühüm bir hissəsini qucaqlamış bir adam, sənin saçlarının kölgəsinə möhtacdır. Təliə bu sözlərə inanmayaraq vəliəhddən soruşdu: – Mənimmi? – Bəli, gözəl Təliə! Mən xoşbəxtliyimi səninlə tamamlamaq istəyirəm. Təliədən tərəddüdlü bir gülüş qopdu. O qəlbində: “Yazıq insanlar! Xoşbəxtliyini ölümdə axtaranlar da var imiş! Mən onu məhv etmək istərkən, o da xoşbəxtliyini mənim saçlarımın kölgəsində aramaqdadır. Təbiət, bax, nə qədər yazıq insanları küt və silahsız yaratmışdır. Çünki onlar bir-birini oxuya bilmirlər”. Vəliəhdin özü də Təliənin ağ mərmərdən düzəlmiş əndamına baxdığı zaman başqa cür düşünür və deyirdi: “Qız olduqca ağıllı və sağlam düşüncəli bir qızdır. Mənim ona təklif etdiyi məsələ, bir günün və bir ayın məsələsi deyil, o, iki gəncin ömürlük həyat məsələsidir. Buna görə də qızın özünə etdiyim təklif üzərində çox dərindən düşünməsi lazımdır. Ərə getmək və evlənmək vəzifəsi olduqca məsuliyyətli və ağır bir vəzifədir. İnsan əvvəlcə öz vicdan tərəzisində bu vəzifəni ölçməlidir. Çünki bu ağırlığı hər kəs çəkə bilməz”. Vəliəhd bu fikirlərin təsiri altında Təliəyə müraciət etdi: – Düşün, mənim gözəl dostum, düşün! Sən iki gəncin həyat məsələləri üzərində düşünürsən. Səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur, buna görə də sən həyata keçirmək istədiyin məsələ üzərində bir daha dərindən fikirləşməlisən. Vəliəhdin son sözlərindən Təliə təkan yedi. Qorxuya düşdü. Nazik dodaqları dəhşətdən titrəməyə başladı və öz-özünə: “Madam ki, vəliəhd mənim bir cinayətə hazırlandığımı anlamışdır, bir halda ki, onun özü “səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur” – deyə məni xəbərdar edir, o zaman mənim bu məsələ üzərində düşünməyim lazım deyilmi? Onun özü də deyir: “Sən iki gəncin həyat məsələləri üzərində düşünürsən”. Əcəba bu bir həqiqət deyilmi? Mən onu zəhərləyib məhv edəcək, bacım da günahsız Hüsniyəni edam etdirəcəkdir. Lakin mən də cəzasız buraxılmayacağam, diri qalsam da, xalqın lənət və nifrəti altında yaşayacağam. Bax, vəliəhd nə qədər sadə və mərhəmətli bir insandır ki, mənim böyük bir xəyanətə hazırlandığımı bildiyi zaman, yenə də məni doğru yola qaytarmaq istəyir; halbuki, o istədiyi zaman məni məhv etməyi bacarardı. Əcəba, bir məmləkətin vəliəhdi öz xoşbəxtliyini yoxsul və adi bir qızın saçları kölgəsində aradığı zaman, yoxsul qızın bu alicənablığa qarşı vəzifəsi nədir? Onu zəhərləmək və gənc həyatını əlindən almaqmı? Yox, yox, mən bunu bacara bilməyəcəyəm. Mən onun bu mərhəmətini öz səmimi sevgimlə mükafatlandıracağam. Gələcək səadətin xatirəsinə onu öz gözümün bəbəyi kimi qoruyacağam. İki qəlbi bir yerə aşılamaq üçün hər nə lazımsa mən onu həyata keçirəcəyəm. Bacımın mənə vədə verdiyi xoşbəxtlik isə mənim üçün yox, onun öz oğlu üçündür”. Təliə bunları düşündüyü zaman özünü vəliəhdin yanında gördü. Doğrudan da bir məmləkəti qucaqlamış qollar Təliənin boynuna sarılmışdı, xoşbəxtliyin zəminini qoymaq üçün iki göz bir-birinə baxırdı, ürəklərin döyüntü səsləri bir-birinə qarışdığı zaman qəlbin qapıları da açılmışdı. Təliə dodaqlarını vəliəhdin dodaqlarından çəkdiyi zaman vəliəhd bu sözləri eşitdi: – Vəliəhdin dedikləri tamamilə bir həqiqətdir. Mən həyatda səhv etməyəcəyəm. Mən iki gəncin həyat məsələsində yanlış yol intixab etməyəcəyəm. Vəliəhd, sənə and içirəm! Nahar yeməyi bitdi, süfrədən qalxdılar, Qətibənin gözlədiyi hadisə baş vermədi. * * * Təliə vəliəhd sarayından çıxıb evə gəldiyi zaman Qətibə onu küçə qapısında qarşıladı və tələsik soruşdu: – De görüm, onu məhv etdinmi? Zəhər dərhal təsir etdimi? – Xeyr, mümkün olmadı, o məsələni tamamilə anlamışdır. – Anlamışdır? – Onun danışıqları və söhbətlərində verdiyi işarələr də bunu anladır. – Hansı işarələr? Sən haradan bildin? Ağlın qaçıbdırmı? O bu sirri haradan öyrənə bilər? Onu bir sən, bir də mən bilirəm. Sən bu məsələni ona demədiyin zaman, o bu sirrlərə nə cür yol tapa bilər? Danış görüm ondan nə eşitdin? – Mən onu zəhərləmək üzərində düşünürdüm. O da mənim üzümə baxıb xəfifcə gülərək dedi: “Düşün, düşün, mənim gözəl dostum, düşün! Səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur. Buna görə də sən həyata keçirmək istədiyin məsələ üzərində bir daha dərindən fikirləşməlisən. Çünki sən iki gəncin həyat məsələləri üzərində düşünürsən.”. Qətibə acıqlandı və: – Qorxaq, aciz qız, – deyərək nəsihət verməyə başladı. – Sən kişilərə nə cür yanaşmaq barəsində olduqca savadsızsan. Səndə təqsir yoxdur, kişiləri öyrənmək və onların nəbz vurğularını təyin etmək üçün bacarıqlı bir təbib olmaq lazım gəlir. Səni bundan artıq təqsirləndirmək olmaz, kişilərin ruhunu ruhiyyat alimləri belə layiqincə öyrənə bilməmişdir. Hərgah sən dilin və hərəkətinlə ona bir şey sezdirmədinsə, o sənin qəlbinə yol tapa bilməzdi. Onlar qəlbi gözdən və hərəkətdən öyrənirlər. Sən ehtiyatlı olmalısan, gözlərinin hərəkətinə, vəziyyət və çöhrənin dəyişməməsinə diqqət verməlisən. Hərgah sən özünü diqqətli və ehtiyatlı aparmışsansa, hər şeydən əmin ola bilərsən. Sən heç də qorxma. Onlar qadını öyrənməyə çalışdıqca yenə də savadsızlıqları artmış olacaqdır. Sən heç də qorxma, vəzifəni yerinə yetirmək işində tərəddüd göstərmə, bizim burada uzun müddət qalxmağa vaxtımız yoxdur. Təbrizə bunun üçün də gəldik. Təliə ağladı və and içdi: – Sənin canına and içirəm. Mən ona nə dilim, nə də hərəkətim vasitəsilə heç bir söz danışmamışam. Lakin məqsədimi həyata keçirmək üçün tərəddüd və düşüncələrdən ayrıla bilmirdim. Qətibə bir daha acıqlandı: – Madam ki, bu vəzifəni sənə anan yerində olan bacın tapşırmışdır, o zaman sənin tərəddüd göstərməyə haqqın yox idi. Sənə tapşırılan bu sirrin həyata keçirilməsi və gizlində qalması üçün öz həyatınla məsulsan. Bu məqsədi həyata keçirməsən, səni dünyanın ən alçaq bir adamına ərə verəcəyəm. Hərgah sən bir hökmdarın mələkəsi olmaq arzusu ilə onu öldürmək istəmirsənsə, yanılırsan, çünki onu sən öldürməsən də, mən başqasının vasitəsilə onu məhv edəcəyəm. O zaman sən də öz diriliyinə ümid bəsləmə! Mən bilsəm ki, sənin dodaqların onun dodaqlarına dəymişdir, səni bu günün özündə qullarımın ən çirkini olan Bahzada ərə verəcəyəm. Sənə yüz dəfə demişəm, yenə də təkrar edirəm, dodaqlarını onun dodaqlarından qorumalısan, çünki əfsunçuların sadə bir nəzəri ilan üzərində nə təsir bağışlayırsa, kişilərin də dodaqları qızlara eyni təsiri verə bilər. Şəraba öyrənən kişilərlə, kişilərin dodaqlarına öyrənən qızların heç də fərqi yoxdur, onlar heç bir zaman nə şərabdan yaxa qurtara bilər, nə də kişilərin dodaqlarından əl çəkə bilərlər. Çünki bu da bir cürə tiryəkdir. Kişilərin dodaqları qızların qəlbini damğalamış olur. Əsil gözəl ona deyirəm ki, o öz gözəlliyinə qiymət verə bilsin və ondan istifadə etməyi bacarsın. Sən bir vəzifəni bitirə bilmədiyin, öz dəyərini anlamadığın və fəaliyyət sahibi olmadığın zaman, diri və canlı insan deyilsən. Rəssamlar səndən daha gözəl şəkillər çəkə bilərlər. Hazırda sənin gözəlliyin rəssamın çəkdiyi gözəllikdir. Sən diri olsaydın, özünə tapşırılan vəzifəni çoxdan bəri yerinə yetirə bilmişdin. Lakin sən mənə xəyanət etdin, onu sevdiyin üçün vəzifəni yerinə yetirə bilmədin. Bunun üçün də mən səni cəzalandıracağam. Təliə hönkür-hönkür ağlayırdı. Lakin onun tökdüyü göz yaşları Qətibənin acığının odlarını söndürə bilmirdi. Biləks, Təliənin ağlaması Qətibənin qəzəb və qəhrini bir daha artırırdı, o qəlbində: “Nacins qız öz sevgilisini öldürmək istəmədiyi üçün oğlu ölmüş ana kimi hönkürtmə vurub ağlamaqdadır. Qız uşağını özbaşına buraxsan kəndirbaza ərə getmək istər. Mənim sevgimə azadlıq vermədilər. Mən də and içmişəm, dünyada əlimdən gəldiyi qədər heç bir kəsin sevgisinə azadlıq verməyəcəyəm. Bacım da olsa, mənim bədbəxtliyimə qarşı xoşbəxt olmasına razı olmayacağam”, – deyirdi. Qətibənin qara gözlərinin bəbəklərindən ildırım şığıyırdı. Acığından hər iki yanağı köz kimi qızarmışdı. O, evi tez-tez dolaşıb danışırdı: – Mənim bacım, Əmir İnancın qızı, atadan-anadan bir doğma bacım, mənim günümün oğlunu, mənim düşmənimi, mənim oğlumun rəqibini sevəcəkmiş. Taxt-tacın, bir kəndli qızından doğulan nanəcibin əlində qalmasına çalışacaqmış. Qətibə bunları deyəndən sonra gəlib Təliənin başı üzərində durdu və acıqla sual verdi: – Səndən soruşuram, sən haman vəzifəni ifa edəcəksənmi? Təliə gözlərini qorxa-qorxa Qətibənin üzünə açaraq: – Bəli, ifa edəcəyəm. Zəhər hadisəsi sabah baş verəcəkdir, – dedi. * * * Təliə qapını açıb vəliəhdin otağına girdiyi zaman vəliəhd pəncərənin qarşısında oturub Nizaminin “İskəndərnamə” əsərindən göndərdiyi parçaları oxuyurdu. Vəliəhd Təliənin gəldiyini gördüyü zaman sevinərək dedi: – Gəl, gəl, mənim dostum, gəl sənin üçün bir neçə şeir oxuyacağam, böyük şair mənim adıma yazdığı “Şərəfnamə” əsərindən bir neçə parça göndərmişdir. Sən bu parçaları eşidəndən sonra vətənimizdə nə qədər qəhrəman qadınlar yetişdirdiyini görəcəksən. Təəssüf olsun ki, sonralar Nüşabə kimi bir qız yetişməmişdir. Mən arzu edərdim ki, o kimi qəhrəman bir qadını kitab vərəqləyəndə deyil, həyatda görə biləydim. – Nüşabə kimdir? – Nüşabə vaxtilə Bərdə şəhərində padşahlıq edən bir qız idi. – Hansı Bərdə?.. Haman o xərabə Bərdəmi? – Haman Bərdə. Makedoniyalı İskəndərlə görüşən o qəhrəman qızın barəsində böyük şair qiymətli bir dastan yazmışdır. Hazırda onu oxuyuram. Gözəl Təliə, kişilər İskəndər olmağı bacarmırsa da, qızlar Nüşabə olmağa çalışmalıdır. Vəliəhd bu sözlərdən sonra “Şərəfnamə”dən bir neçə dastan oxudu. Söhbət nahar vaxtına qədər uzandı, yenə Təliə adəti üzrə durub getməyə hazırlanarkən, vəliəhd: – Burada nahar etməlisən, – deyərək, Taliənin getməsinə mane oldu. Nahar yedikləri zaman şərbət gətirdilər. Piyalələr hələ içilməmişdi. Təliə yenə də tərəddüd göstərir və titrəyirdi, yenə də qəlbində: “Öldürümmü? Öldürməyəmmi?” – deyərək fikirləşirdi. Nəhayət, qoynundakı şüşəni çıxartdı, onun içindəki zəhərdən bir neçə damcı şərbətin içinə töküb vəliəhdin yanına qoydu. Lakin bu işi olduqca ehtiyatsız həyata keçirdi, əlləri titrədi, özünü şaşırdı, bacarmadı, buna görə də vəliəhd şərbətin içinə nə isə töküldüyünü hiss edərək özünü aldırmadı. Şərbət piyalələri yerdə dururdu, Təliə isə gözünü vəliəhdin qarşısında duran piyaləyə tikərək qorxur, titrəyirdi. Onu vicdanı rahatsız edirdi. O bu işdən yenə də peşman olmuşdu. O öz sevdiyi bir zatın bir neçə dəqiqədən sonra məhv ediləcəyini düşünür və çıldırmaq dərəcəsinə gəlirdi. Təliə öz-özünə söyür və deyirdi: “Mən nə qədər alçaq və cani bir qız oldum. Mən bu günahsızı nə üçün məhv edirəm? Mən nə üçün özümü sevən bir gənci həyatdan ayırım?” Vəliəhd həm qıza, həm də yerdəki piyaləyə baxırdı. O artıq şübhələnirdi. Sirrin üzərindən pərdəni götürmək üçün Təliəyə müraciət etdi: – Gözəl mələyim, mən bu piyalə şərbəti sənin sağlığına içməliyəm, – deyərək, piyaləni qaldırarkən Təliə piyaləni onun qarşısından qaparaq: – Yox, yox!.. O piyaləni mən özüm içməliyəm. O piyalə ancaq mənim üçündür, – dedi və piyaləni dodaqlarına uzadıb içərkən vəliəhd onun əlindən tutub: – Dayan, məsum qız, dayan! – dedi və piyaləni ondan aldı. Lakin, zəhər Təliənin nazik dodaqlarını yandırmışdı. Bir anda vəliəhd sarayında bir qiyamət bərpa oldu. Saray xalqı bir-birinə dəydi. Həkim hazır idi, Qətibə vəliəhdin zəhərləndiyini təsdiq etdirmək və cariyə Hüsniyənin ona zəhər verdiyini isbat edib edamına əmr vermək üçün çoxdan bəri həkimi hazır etdirmişdi. Qətibə vəliəhd sarayında hadisə baş verdiyini eşidərkən sevindi, Təliənin tapşırığı həyata keçirməsini zənn etdi. Həkim Təliəyə yardım verdi. Təliə özünə gəldi və vəliəhdi öz başı üstündə görüb şikayətedici bir vəziyyətlə dedi: – Nə üçün mənə rəhm etmədin? Nə üçün mənim əbədi rahatlığıma mane oldun? Nə üçün mənim azadlığımı aldın? – deyərək ağlarkən vəliəhd də onun saçlarını sığallayaraq yavaşdan dedi: – Ağlama, məsələ mənim üçün aydındır. Mən sənə bir neçə dəfə demişdim ki, insanlara mündərəcəni verən mühitdir. İnsan onu cinayət və xəyanətlərə məcbur edən mühitdən ayrılmalıdır. Təliə ağlayaraq: – Mən ayrılmaq istəyirdim, mən o mühiti birdəfəlik atırdım, lakin sən mane oldun. Mən özümü təhqirlərdən və təhqiredici mühitdən ayırmaq üçün ölümü intixab etmişdim. Çünki mənim başqa bir mühitdə yerim yoxdur? Doğma bacım məni bu cinayətə məcbur edərkən başqalarından nə gözləyə bilərəm? Mən bir cani və xain olmaq istəmədim. Lakin bunsuz da o mənə həyat və yaşayış verməyəcəkdir. O məni həyatın ən dəhşətli və qorxulu şeyləri ilə qorxudur. Onu görmək və onun sözlərini eşitməmək üçün ölümün qucağına gülə-gülə gedirdim. Vəliəhd onun saçlarını oxşayaraq: – Mühiti ölümlə dəyişmək acizlikdir, – dedi. – Sənin rahatlığını təmin etməyə and içirəm. Mən sənin iradən xaricində heç bir iş görməyəcəyəm. Sən bu mühitə inana bilərsən. Mən bütün varlığımı sənin gənc və təmiz vicdanına qurban versəm yenə də azdır. Qətibə vəliəhd sarayının qapısına yanaşırkən, həkim də işini qurtarıb saraydan çıxırdı, o, həkimi görürkən böyük həyacanla soruşdu: – Söylə həkim, söylə! Söylə görüm oğluma nə fəlakət üz vermişdir? Qətibənin bu sualından həkim onun üzünə diqqətlə baxdı və gülümsəyərək: – Oğlunuza heç bir fəlakət üz verməmişdir, – dedi, – hər nə fəlakət üz vermişsə, yazıq bacınıza üz vermişdir. Həkim keçib getdi, Qətibənin sanki ürəyi düşdü, olduğu yerində quruyub qaldı. Qayıdıb getsinmi? Saraya daxil olsunmu? – düşünərək dayandı, nəhayət, içəri girməyi qərara aldı. Qətibə böyük həyacanla otağa daxil oldu və ağlayaraq soruşdu: – Oğlum, sənə nə fəlakət üz verdi? Yazıq Təliəyə nə gəldi? Qətibə bunları deyərək, Təliənin yatağına yaxınlaşmaq istərkən Təliə onu əlləri ilə rədd edərək: – Məndən uzaqlaş! – dedi. – Mən səni görməmək üçün ölümü intixab edirdim. Lakin sənin üzünü bir daha gördüm. Bu da mənim üçün bir əzabdır. Get, bir də üzünü göstərməklə məni cəzalandırma! Qətibən ona tərəf acıqla baxıb qışqırdı: – Kəs səsini xain, cinayətə yol verdiyin bəs olmadımı? Öz bacınımı ləkələndirmək istəyirsən? Təliə yenə də ağlayırdı, vəliəhd ona təsəlli verməklə Qətibəyə tərəf dönüb: – Mələkə, rica edirəm, məni və xəstəni rahat burax! – dedi. Qətibə başını aşağı salıb otaqdan çıxdı. * * * Son müharibə Qətibə Təbrizdə müvəffəqiyyət qazana bilmədi, zəhər hadisəsində öz-özünü tamamilə ifşa etdi. Eyni zamanda o, Təbrizdən Həmədana qayıda da bilmədi. Çünki, Qızıl Arslanın qətl edildiyi xəbəri qonşu məmləkətlərə yayıldıqdan sonra, Bağdad və İraq ordusu iranlılarla birləşərək Azərbaycana hücum etməyə başlamışdı. Buna görə də Qətibə Təbrizdən heç bir kəsə xəbər vermədən Rey tərəflərinə qaçdı. Azərbaycanın vəziyyəti qorxulu idi. Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlilər, iraq və iranlıların işğalı altında idi. Bağdad xəlifəsi bu hökuməti tamamilə Şərqin xəritəsindən silmək istəyirdi. Atabəy məmləkətlərini paylaşdırmaq işində Qətibənin oğlu Qütlüğ İnanc da ciddi iştirak edirdi. Toğrul paytaxtı buraxıb qaçmışdı. İraq və Bağdad qoşunu Bağdadı işğal etdikdən sonra Azərbaycan sərhədlərini keçmişdi. Qütlüğ İnancın Reydən gətirdiyi ordu Qəzvində müttəfiqlərin qoşunları ilə birləşəcək və Azərbaycan məsələsini həll edəcəkdi. Buna görə də Qətibə artıq hiylə və macəra yolu ilə deyil, azərbaycanlılarla ordu və silah gücü ilə danışmağa qərar vermişdi. O, Təbrizə qələbə ilə girəcək, vəliəhdi asdırmaqla öz oğlunu Azərbaycan taxtına əyləşdirəcək idi. Azərbaycan məmləkətinin təhlükə altında olduğu xəbərini Təbrizdən Gəncəyə gələnlər xalq arasına yaymağa başlamışdı. Lakin bu dəfə Atabəy hökumətini silahla müdafiə etmək məsələsi Gəncə ziyalılarının fikrinə belə gəlmirdi. Bu xəbərlər şayiə olur-olmaz, Azərbaycanda təzə bir fikir oyanmışdı. O fikir Şirvanla əlaqəyə girmək və Şimali Azərbaycanı cənubdan gələn təhlükəyə qarşı müdafiə etməkdən ibarət idi. Bu fikrin əleyhinə olan çox az idi. Lakin bu ittifaq Azərbaycan məmləkətinin təmamiyyətini təmin etmədiyi üçün cənuba kömək vermək fikrinin tərəfdarları artdırdı. Həmin bu günlərdə Gəncə hakiminin carçıları bazarda və küçələrdə dolaşıb aşağıdakı sözləri deyirdilər: “Gəncə camaatı! Bilin və agah olun! Valahəzrət vəliəhddən fərman gəlibdir. Fərman bu gün günorta namazından sonra Səlcuq camesində oxunacaqdır. İyirmi yaşından qırx beş yaşına qədər olanlar Səlcuq camesinə gəlməlidir, hey!” Gəncə hakimi carçılarla kifayətlənməyərək, şəhərin ziyalılarına, əyan və nüfuzlu adamlarına xüsusi məktublar göndərib Səlcuq camesinə dəvət eləmişdi. Günorta yeməyində Əlaəddin və Fəxrəddin öz qadınları ilə bərabər Nizaminin bağçasında təşkil olunmuş qonaqlığa gəlmişdilər. Nizaminin bu qonaqlığı nə üçün təşkil etdiyindən qonaqların heç birisi xəbərdar deyildi. Qonaqlıqda iştirak edən çox az idi, lakin ziyafət olduqca təntənəli idi. Burada vaxtilə Bağdad saraylarına göndərilmiş və hazırda Əlaəddinin qadını olan Süsən, Fəxrəddinin qadını Dilşad və sairləri iştirak edirdilər. Dilşad Fəxrəddinin qulağına pıçıldayıb: – Qonaqlığın mündericəsi məlum deyildir. Lakin olduqca təntənəlidir, – dedi. Rəna xanımın hazır etdiyi yeməkləri, ətirli şərbətləri və cürbəcür meyvələri qonaqların yanına düzdülər. Qonaqlar süfrənin ətrafına yığıldığı zaman Nizami üzünü Fəxrəddinə tutub dedi: – İnsanlarda təbii bir xasiyyət vardır. Onlar gələcəyi çox az düşünürlər. İnsanın əsas xüsusiyyəti keçmişi xatırlamaqdan ibarətdir. Ziyafətdə iştirak edənlərin hamısı böyük şairin ağzına baxırdı, onun bununla nə demək istədiyi ilə maraqlanırdı. Xüsusən Fəxrəddin qapıdan içəri girdiyi dəqiqədən bəri bu ziyafətin kölgəsində mühüm bir məsələ durduğu hiss edilirdi. Lakin şairin məsələni təbiət qanunlarından başlaması Fəxrəddin üçün başqa bir düşüncə və başqa zehniyyət verirdi. Nizami sözünü əvvəlcə başladığı mövzuda davam etdirirdi. Onun adəti belə idi, o, mühüm bir məsələni müzakirəyə qoymaq istədiyi zaman əvvəlcə məclisdə olan xalqın fikrini haman məsələ ətrafında hazırlar, sonra əsas məsələnin üzərinə keçərdi. Bu gün Nizami haman fikirlə sözünü davam etdirib dedi: – İnsanın gələcəyə deyil, keçmişə bu qədər əhəmiyyət verməsində o qədərdə insanı düşündürəcək bir müəmma yoxdur. İnsanın çocuqluğu və gənçliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. Keçmiş nə qədər fəna, nə qədər əziyyətli olursa olsun, yenə də insan qəlbini unuda biləcəyi bir şey deyildir. Mən gənçliyimi xatırlarkən, onunla bir daha qovuşub öpüşmək istərkən, ancaq üç şeydən təsəlli tapa bilirəm. Sanki mən onların vasitəsi ilə uzaq yolları bir anda seyr edir və gəncliyimi ziyarət edirəm. Onlardan birisi gözəl şeirdir. Mən daima qanıma girə biləcək bir şeri eşitdiyim zaman özümü gənclikdə görür və ruhən yüksəlir və məndən uzaqlaşaraq buludların arxasına çəkilən gəncdiyimin yanına qalxıram. Məni gənclıyə qaytaran ikinci vasitə musiqidir. Musiqini ən qoca bir sənətkar bəstələmiş olsa, onu bir ixtiyar xanəndə oxusa belə, yenə də, onda bir gənclik mövcuddur. Çünki qocalıq və ixtiyarlıq musiqi və nəğmə ətrafına dolaşa bilməz, o gözəl sənət daima gəncdir. Onu qoca bir sənətkar yaratsa belə, yenə də gənclik hissləri ilə yarada bilmişdir. Məni gəncliyimə qaytaran üçüncü vasitə, nazlı səhərin qoynundan qırmızı və şad bir çöhrə ilə çıxan qərənfil gülüdür. Hazırdakı ziyafət, bu bağçada verilən ikinci ziyafətdir. Birinci ziyafət ölməz və unudulmaz şairimiz Məhsətinin sürgündən qayıtdığı zaman verilmişdi. O zaman mənim özüm də, burada oturanların bir çoxu da gənc idi. Yaxşı yadımdadır, Məhsəti xanım hazırda Dilşad xanım oturan yerdə oturmuşdu, xalça da haman xalça, döşək də haman döşəkdir. Buna görə də Məhsəti xanımı xatırlamaq və bizi bir an da olsa gəncliyin ziyarətinə aparmaq üçün vəzifə Dilşad xanıma tapşırılır. Fəxrəddin Əlaəddinin qulağına pıçıldayıb: – Əsas məsələ bu deyil, şair hazırlıq aparır, – deyə Dilşada tərəf dönüb onun bu təklifə razı olub-olmamasını yoxladı və onun çöhrəsində narazılıq hiss etmədi. Süfrədə oturanlar da “rica edirik, rica edirik!” – deyə Dilşad xanıma yalvarırdı. Rica edirik sözü Dilşadın sevimli əri Fəxrəddinin ağzından da eşidilirdi. Buna görə də Dilşad udu gətirmək üçün xidmətçini evə göndərdi. Ziyafətdə olanlar yenə də bir-birlərilə danışaraq deyirlər. “Bu ziyafət yemək-içmək, çalıb-oxumaq üçün təşkil edilməmişdir. Burada başqa məsələ vardır. Bu təkliflər isə onun zəmianəsidir”. Udu gətirdilər. Dilşad xanım udun pərdələrini düzəltdiyi zaman Nizami yenə də danışıb dedi: – Ancaq Məhsəti xanımın rübailərindən oxuyun, çünki rübai yazmaq işi Məhsəti xanımla qurtardı. Dilşad Məhsəti xanımdan aşağıdakı rübailəri oxudu: Hər ab ki, əz dideyi-qəmnam çəkəd Xunist ki əz xəncərü-qəssab çəkəd. Xun mirəvəd əz dilü kəbabəm şəbü ruz, Şək nist ki əz kəbab xunab çəkəd. Bər səng zədəm duş səbuyi-kaşi Sərxoş büdəmü ki kərdəm in ovbaşi. Bər mən bə zəbani-hal qöft səbu, Mən çün to budəm, to niz həm mən başi. Gül bərsəri səbzə mikünəd rənayi, Bülbül zi bərayi gül şüdə şeydayi, İn həm əcəbəst ki hər do heyran şüdənd, Gül əz peyi-ömr, bülbül əz tənhayi. Dilşad elə bir zövq və maraqla oxudu ki, ziyafətdə olanlar Məhsəti xanımın bir daha həyat səhnəsinə qayıtdığını zənn etdi. Ziyafətdə böyük bir ruh yüksəkliyi var idi. Nizami bunu hiss edərək əsas məsələyə yanaşmağa başladı: – Sizi bu ziyafətə dəvət etməkdən məqsədim yedirib-içirtmək deyil. Bu cür süfrələr hamının evində mümkündür. Lakin şeir, musiqi və nəğmə hamı üçün mümkün deyil. Dilşadın və Süsənin səsini eşitmək bizi yenə də keçmişlərə qaytardı. Xüsusən biz burada oturan xanımların həyat tarixini də xatırladıq, bu tarixin qılınclar və qəhrəmanlıqlar sayəsində qurulduğunu Dilşadın və Süsənin simasında bir daha oxuya bildik. Mən sizi bu ziyafətə haman qəhrəmanlıq tarixini xatırlatmaq üçün çağırmışam. Hazırkı vəziyyət yenə də bizdən silaha sarılmağı tələb edir, çünki düşmən Azərbaycan xalqını əsirlik dövrünə qaytarmağa hazırlanır. Əbubəkr ibn Məhəmmədin göndərdiyi məktubu sizə oxumaq istəyirəm. Hamı bir ağızdan: – Rica edirik, rica edirik! – dedikdə Nizami əlini atıb cibindən bir məktub çıxarıb oxumağa başladı: “Bu məktub Əbubəkr ibn Məhəmməd Eldəniz tərəfindən böyük və möhtərəm şair Nizamiyə yazılır. Möhtərəm şair! Atam Atabəy Məhəmmədin bir səhvi nəticəsində düşdüyümüz bədbəxtlik böyük bir fəlakətlə nəticələnməyə başladı. İnanc tayfasına yaxınlaşmaq bizi öz mehriban təbəələrimizdən ayırdı, biz xalqın məhəbbətini itirdik. Xalqın məhəbbətindən məhrum olmaq rəhmətlik əmim Qızıl Arslanın da ölümünə səbəb oldu. Atam da, əmim də hökumətlərini Azərbaycan xalqının qılıncları kölgəsində qurduqlarına baxmayaraq, bu xalqa xor baxdıqları üçün məhv oldular. Toğrulun yanlış siyasətləri və onun əcnəbi himayəsinə girmək istəməsi, Azərbaycan atabəyliyinin süqutunu yaxınlaşdırdı. Qardaşım Qütlüğ İnanc da öz anasının rəyasət və üstünlük xəyalları nəticəsində əcnəbilərə satılmışdır. Qardaşımın xəyanətləri də xanədanımızın süqutunu tələsdirir. Hazırda Bağdad qoşunu, iraqlılar və iranlılarla birləşib paytaxtı işğal etmişdir. Toğrul Həmədanı buraxıb qaçmışdır. Qütlüğ İnancın Reydən hücum edən ordusu Qəzvin şəhərinə yaxınlaşmaqdadır. Onların məqsədi Həmədandan şimala tərəf gələn müttəfiq ordularla birləşib Təbriz şəhərini işğal etməkdir. Böyük şairin özünə məlumdur ki, Azərbaycan xalqının ciddi köməyi olmasa, biz bu çətinliyin öhdəsindən gələ bilməyəcəyik. Bu günlər Qətibə xatunun mənə zəhər vermək istəməsi də düşmənin xanədanımızı tamamilə məhv etmək qərarına gəldiyini göstərir. Hazırda əlimizdə olan az bir miqdar qoşunla düşmən ordularının qarşısını ala bilməyəcəyimiz aşkardır. Sizin köməyiniz olmasa, onlar Təbrizə girəcəkdir. Hər halda böyük şair göndərdiyi cavabla mənim təklifimi müəyyən etməlidir”. Əbubəkrin bu məzmunda yazdığı məktub çox uzun idi. Nizami ancaq onun müəyyən hissələrini oxudu. Ziyafətdə dərin bir sükut hökm sürürdü. Heç kəs danışmırdı. Məktub barəsində nə mənfi, nə də müsbət bir fikir söyləyən yox idi. Nizaminin fikrini bilmək üçün birinci olaraq Əlaəddin danışıb dedi: – Şübhəsiz ki, Eldəniz xanədanını yaxalamış fəlakət olduqca böyükdür. Onlar hazırkı vəziyyətləri ilə bu çətinliyin altından çıxa bilməyəcəklər. Biz nə edək? Bu fəlakəti onların özləri qazanmışdır. Biz onları bir neçə kərə ağır fəlakətdən qurtardıq. Azərbaycanlılar onların hökumətini müdafiə etmək üçün Xarəzm, Rey, İraq və Dəclə sahillərində minlərcə oğlunu qurban vermişdir. Biz dünyanın baş əydiyi xəlifələri onların qarşısında diz çökdürdük. Bu xidmətlərin müqabilində nə kimi bir mükafat aldıq? Nəticədə onlar bizi bir ərəb qızının arzusuna qurban verdilər, bizim paytaxtdan uzaqlaşmağımıza səbəb oldular. Bugünkü fəlakət, haman səhvlərin islah edilə bilməyəcək nəticələridir. Bilmirəm, onların bu qədər etinasızlığına qarşı biz Əbubəkrin məktubuna nə cavab verməliyik? Hamı ilə bərabər Nizaminin özü də Əlaəddinin dediklərini diqqətlə dinləyirdi. Nizami yalnız Fəxrəddinin danışmasını gözləyirdi. Çünki ziyafətdə olanların arasında Eldəniz ailəsinin ən inadlı düşməni Fəxrəddin idi. Xüsusən son zamanlar, Qətibənin ona qarşı olmazın macəralar, fitnələr, hətta sui-qəsdlər hazırlaması və Qızıl Arslanın buna soyuqqanlılıqla baxması Fəxrəddinin Eldəniz ailəsinə olan düşmənliyini bir daha dərinləşdirmişdi. Buna görə də Nizami əvvəlcə Fəxrəddinin fikrini bilmək istəyirdi. Fəxrəddin fikirli başını qaldırıb Nizaminin üzünə baxaraq gülümsədi. Nizami dərhal bu təbəssümün mənasını anlayaraq onu xəfif bir təbəssümlə qarşıladı. Bununla da gənclik yoldaşları bir-birini anladı və Fəxrəddin danışaraq dedi: – Mən bu ziyafətə dəvət olunduğum zaman burada mühüm bir məsələnin həll olunacağını düşünürdüm və özüm-özümə deyirdim: əcəba, mənim gənclik yoldaşım qadınlarla kişilərin ziyafətini bir yerdə çağırmaqdan nə məqsəd daşıyır? Mən ancaq Əbubəkr ibn Məhəmməd Eldənizin məktubu oxunduqdan sonra şairin məqsədini anladım. Bu ziyafətdə iştirak edən qadınların əksəriyyəti Azərbaycan silahının qalibiyyəti nəticəsində Bağdad saraylarının əsirliyindən qurtarmışdır. Hazırda şüursuz hökmdarların səhvləri nəticəsində Bağdad xəlifələri yenə də Azərbaycan qızları ilə əylənməyi düşünürlər. Burada oturanlar mənim fikrimi başqa cür məna etməsinlər. Hərgah iraqlılar, xarəzmlilər, iranlılar şəxsən atabəyləri məhv etmək arzusunda olsaydılar, mən Fəxrəddin, yüz nəfər atlı ilə bütün Eldəniz ailəsini tutub onlara verərdim, o zaman nə qan tökülər, nə də ölkələr at ayağının altında tapdalanardı. Lakin onlar Azərbaycana beş nəfər çürük başlı və dəyərsiz adamları əldə etmək üçün gəlmirlər. Onlar zəngin bir məmləkəti almaq və qəhrəman bir xalqı əsir götürmək üçün gəlirlər. Xüsusən Qütlüğ İnancın bu macəradə yaxından iştirak etməsi, ixtilafın mənasını bizə lazımınca anladır. Bu məsələ bizim öhdəmizə məsul bir vəzifə qoyur. Qütlüğ İnanc hökmdarlığı əldə etmək istəməklə bərabər, bizdən Əmir İnancın qanını də tələb etməyə gəlir, onlar bizi hədəf tutaraq Azərbaycana gəlirlər. Bizi qadınlarımızla birlikdə ziyafətə çağıran möhtərəm şair, mühüm bir məsələni nəzərdə tutmuşdur. O bilir ki, igid və namuslu kişilər öz qadınları iştirak etdiyi məclisdə heç bir zaman müharibə təklifindən boyun qaçırmazlar. Çünki ağıllı qadınlar heç bir zaman qorxaq kişiləri sevə bilməzlər. Fəxrəddin bu sözləri deyəndən sonra üzünü Dilşada çevirib dedi: – Dilşad, sənə və sənin oğlun Sədrəddinə and içirəm! O uşaq mənim bədbəxt qardaşımın adını daşıyır, mənim ondan da artıq sevdiyim adam yoxdur. Onun canına and içirəm, qorxaqlığın nə olduğunu hiss etmərəm. Qoy mənim dostum Nizaməddin (Nizami) öz fikrini açıq desin. Hərgah o, lazım görərsə yenə də Azərbaycan igidlərinin qılıncları qınından çıxacaq, yenə də əmudlarımız Bağdad qapılarını sındıracaq, yenə də Aran atları başını Dəclə çayına salıb kişnəyə-kişnəyə su içəcəkdir. Fəxrəddinin bu sözündən sonra hər kəs öz qadınına tərəf dönüb and içir və müharibəyə hazır olduğunu bildirirdi. Nizami yenə də danışaraq: – Mən öz fikrimdə yanılmadım, – dedi, – Azərbaycan xalqını idarə edən rəhbərlərin qəhrəmanlıq və igidliyinə olan etimadım bir daha doğruldu. Mən demək istədiyim sözləri Fəxrəddin tamamilə sizə dedi. Lakin mən bu söhbətləri, əsas bir cəhəti qeyd etməklə tamamlamaq istəyirəm. Düşməni Azərbaycan içərisində yox, Azərbaycan xaricində döymək lazımdır. Cənub-qərbdə Həmədan, cənubda isə Qəzvin şəhəri bizim doğma sərhədimizdir. Bu yerləri bizim öz xalqımız üçün, sərhəd xaricində olan yerləri isə Əbubəkr Nüsrətəddin üçün müdafiə etməliyik. Çünki Əbubəkr bizim bacım oğludur. Onu azərbaycanlı qızı doğmuşdur. Düşmən sərhədimizdən nə qədər uzaqda olursa, səadət və əmniyyətimiz də o qədər yaxınımızda olar. Harada azərbaycanlı yaşayırsa, orası bizim doğma vətənimizdir. Onun namusu – ata namusu qədər müdafiə olunmalıdır. Nizaminin təklifləri bir səslə qəbul olundu. Ziyafət Dilşad və Süsənin musiqi və nəğmə səsləri ilə qurtardı. * * * Bu gün Cənubi Azərbaycana gedən ordunu yola salmaq üçün aranlılar arvadlı-kişili Gəncənin üç fərsəng məsafəsində olan Xanəgah kəndi ətrafında yığışmışdı. Kəndin düzlərində çalıb-oynayan qız və gəlinlər, orduya yemək hazırlayan gənclər və qocalar gecədən bəri çalışırdı. Minlərcə ocaqlar qurulub, yüzlərcə qoyun kəsilir, kabab şişlərinin sayı müharibəyə gedənlərin nizəsinin sayından bir neçə qat artıq idi. Xanəgah kəndinin qarşısından kəndin dörd fərsəng məsafəsində olan İsfahan kəndinə qədər ordunun çadırlarından başqa bir şey görmək mümkün deyildi. Ordu tamamilə gəlib Xanəgah və İsfahan kəndi ətrafında yığışana qədər aranlılar da ağacların kölgəsində düşüb çalır, oxuyur, oynayır və yeyib-içirdilər. Dördüncü gün ordu nahar yeməyindən sonra köçüb Bazarçuq kəndi altında gecələyəcək idi. Çadırları və orduya lazım olan şeyləri daşıyan minlərcə dəvə, qatır karvanları Xanəgah kəndindən yüklənib Bazarçuqa tərəf gedirdilər. Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi. Ordu köçməyə hazır idi. Lakin hər kəsin gözü Gəncə tərəfində idi, sanki onlar möhtərəm bir adamın intizarını çəkirdilər. Bir azdan sonra uzaqdan qəliz toz dumanlarının intizamını pozaraq kiçik bir dəstə göründü. Dərhal Fəxrəddin və Əlaəddin çadırlardan çıxıb yaxınlaşmaqda olan karvanı istiqbal etdilər. Bu dəstə Nizamidən, onun qadını Rəna, oğlu Məhəmməd və Gəncə ziyalılarından ibarət idi. Ordu xalqı atlanıb, təzə gələn dəstəni salamlamaq istəyirdi. Gələnlər atlıların qalın dəstələri arasından keçib Fəxrəddinin çadırına yanaşdığı zaman, üzərində qoşa qılınc şəkilli qırmızı bayrağı çadırdan çıxardılar. Bayraq çadırdan çıxarıldığı zaman şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. Günəşin işığında parlayan qılınclar Xanəgah kəndi dağlarında ildırım şığıdığını xatırlatdı. Ordu and içdiyi zaman, Nizami orduya müraciət edərək ucadan dedi: – Azərbaycan xalqı! İgidlər! Qəhrəmanlar! Xalqımızın tarixi igidliklər və qəhrəmanlıqlarla doludur. Vaxtilə ərəblər və farslar bizdən hər bir şeyi aldılar. Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixi qəhrəmanlığı bizim əlimizdən ala bilmədilər. Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. Lakin buna baxmayaraq, sizin babalarınız vaxtilə Asuri, Qəldani və İran kimi böyük dövlətləri dizə çökdürmüş və özünün dünyada azad yaşamaq qabiliyyətini göstərmişdir. Çünki bizim məmləkətimiz qəhrəmanlar yetişdirmək işində bütün ölkələrə üstündür. Bir zaman sizin yaşadığınız yerlərdə Fərhad və Astiyaqlar kimi qəhrəmanlar və mədəni şəxsiyyətlər yaşamışdır. Bu gün İran məmləkətində gördüyünüz mədəniyyət sizin babalarınız tərəfindən düzələn mədəniyyətdir. Azərbaycan heç bir zaman qılınc və ordu gücünə təslim olmamışdır. Sizin babalarınız bu şərəfi öz həyat tarixlərində bütün dünyaya isbat eləmişlər. Lakin düşmən, Azərbaycan xalqı kimi sarsılmaz bir xalqı, bu xalqın ittifaqını pozmaq nəticəsində məğlub edib və əsirliyə almışdır. Buna görə də siz bu tarixi bayrağın önündə ittifaqı pozmamağa və sərkərdələrinizin əmrlərindən boyun qaçırmamağa and içməlisiniz. Nizaminin bu sözündən sonra on minlərcə qılınc havaya qalxıb yenə də endi. Nizami isə sözündə davam edirdi: – Düşmən, tarixdə babalarınızın boynuna salmaq istədiyi zənciri, sizin də boynunuza salmaq üçün gətirir. Lakin siz bu səfərdə onlara göstərməlisiniz ki, Azərbaycan xalqının boynu onların düşündükləri qədər düşkün boynlardan deyil. Bu gün siz köhnə və tarixi paytaxtınız olan Həmədanı düşmən əlindən qurtarmaq üçün gedirsiniz. Bizim bu mübarizəmiz nə Azərbaycan atabəyləri, nə də onlardan sonra taxta oturacaq şahların xatirəsinə deyildir, biz bu müharibəyə Azərbaycan xalqının milli qürur və milli sərhədini müdafiə etmək üçün gedirik. O nə ərəbin, nə İraqın, nə də İranın deyildir. Ora bizim idi, bizim də olmuş və gələcəkdə də bizim olacaqdır. Mən bu bayrağı sizin sərkərdəniz olan Fəxrəddinə tapşırıram. Siz bu bayrağı düşmən əlinə verməmək və onu başı aşağı etməmək üçün öz tarixi şərəfinizi hər an xatırlamalısınız, bu bayrağın qırmızı rəngə boyanması xalqımızın öz azadlığı uğrunda tökdüyü qanların tarixini oxumaq üçündür. Nizami bayrağı Fəxrəddinə tapşırdığı zaman, təbil və şeypurların səsi eşidildi. Nizami Fəxrəddini bir daha öpdü. Bütün atlılar gəlib bayrağı salamlayıb keçdi, Fəxrəddin də son dəfə Dilşadla vidalaşıb yola düşdüyü zaman: – Birinci məktubunu Həmədandan, ikinci məktubunu isə Bağdaddan gözləyirəm, – sözlərini eşitdi. Bu səs Dilşadın səsi idi. * * * Şimali Azərbaycandan cənuba gedən ordu, iki dəstəyə ayrılmışdı. Birinci dəstə Fəxrəddinin rəhbərliyi altında Naxçıvan yolu ilə, ikinci dəstə isə Əlaəddinin başçılığı ilə Qarabağ və Qaradağ yolu ilə Təbrizə tərəf irəliləyirdi. Vəliəhd Təbrizdə Fəxrəddinin Naxçıvana yaxınlaşdığı xəbərini alan kimi, ordunu istiqbal etmək üçün Araz çayı kənarına gəldi. Cənubi Azərbaycan ziyalıları, alimlər, şairlər və vətənpərvərlərin hamısı vəliəhd ilə bərabər Ziyaülmülk körpüsünün cənub tərəfində durub Şimali Azərbaycan ordusunu gözləyirdilər. Körpünün cənub və şimal tərəfi əlvan fənərlərlə bəzənmiş, hər tərəfdən şallar, çiçəklər, qiymətli fənərlər asılmışdı. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. Araz çayının cənub tərəfindəki uca dağlar minlərcə məşəllərin şəfəqinə bürünmüşdü. Gecə saat ikidən başlayaraq Şimali Azərbaycan ordusu sel kimi axıb Araz çayının kənarına tökülürdü. Daşlar üzərində səslənən at dırnaqlarının şaqqıltısı cənubdakı sıldırım qayalara əks etdiyi zaman, ildırım şığıyaraq qayaların axıb töküldüyünü xatırladırdı. Bütün mühit at kişnəmələri, at, dəvə və qatar zənglərinin şaqqa-şaqqa altında titrəyirdi. Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarının və Ələnciq qalasını titrədirdi. Çadırların qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. Gündüz saat on ikiyə yaxın Azərbaycan ordusu Ziyaülmülk körpüsündən Cənubi Azərbaycana köçməyə başladı. Cənubdan: “Yaşasın azərbaycanlılar, yaşasın qardaşlıq, yaşasın qəhrəman Fəxrəddin!” səsləri bir-birinin dalınca eşidilirdi. Vəliəhd atlanıb körpünün cənub qapısında durmuşdu, o şimaldan gələn ordunun rəsmkeçidini qəbul edirdi. Körpü darısqal idi, oradan ancaq dörd atlı yanyana keçə bilirdi, buna görə də körpünü keçmək uzun çəkməsin deyə, atlılara, atlarını sürətlə sürmələri əmr edilmişdi. Qabaqca Qarabağ atlıları qılınclarını sıyırıb çiyinlərinə qoydular və vəliəhdi salamlayıb keçdilər. Qarabağlılardan sonra Şəmkir və Şəmsəddinlilər gəlib keçdilər. Hamıdan sonra, Aran ordusu hərəkət etdi. İki qılınc şəkilli bayraq Fəxrəddinin başı üzərində hərəkətə başladığı zaman, sanki şimaldan cənuba insan selləri axırdı. Cənubdan, şimaldan musiqi səsləri ucalmağa və “yaşasın qəhrəman Fəxrəddin!” səsləri eşidilməyə başladı. Fəxrəddin bayraqla bərabər vəliəhdin yanına yetişərkən atından düşüb onu salamlamaq və torpağı öpmək istərkən, vəliəhd dərhal atından piyada olub Fəxrəddinə torpağa düşmək imkanını vermədi və onu əlindən tutub dedi: – Bu gündən etibarən torpağa düşüb, təzim etmək adətini ləğv edirəm. Bu adəti İran şahları və Səlcuq hökmdarları xalqın milli qürurunu məhv etmək üçün yayıblar. Xüsusən qəhrəmanların başı heç bir zaman əyilməməlidir. Qoşunun körpüdən keçməsi davam edirdi. Fəxrəddinin əmrinə görə Azərbaycan bayrağını vəliəhdin başı üzərində saxladılar. Bu adət ordunun baş sərkərdəliyini vəliəhdə həvalə etmək demək idi. Vəliəhd buna razı olmadı və: – Şimali Azərbaycan ordusunun sərkərdəliyi öz qəhrəmanına məxsusdur, – dedi. Ordu axşam qaranlıq düşənə qədər körpüdən keçdi, sonra ordunun silahları qatırlara və dəvələrə yüklənərək körpüdən keçməyə başladı. Əmudlar, gürzlər və şəşpərlər, ox və kaman ehtiyatı, ağır məncəniq və ərusəklər, dəmir kərpiclər, qarurə, ehtiyat qılınclar, nizələr, minlərcə polad qübbəli qalxanlar, məğfərlər və dəmir geyimlər yüklənmiş dəvə və qatırlar karvanı vəliəhdin çadırının qabağından keçdiyi zaman: – Mən qalib gələcəyəm! – deyə vəliəhd sevindi. Fəxrəddinlə Təbriz altına qədər irəliləyən Azərbaycan ordusu, Acıçay kənarında çadırlarını qurub Qarabağ yolu ilə gələn Əlaəddinin dəstəsini gözləyirdi. Bir gün sonra Əlaəddinin dəstəsi Təbrizə yetişdi, ordu iki gün rahat olandan sonra Təbrizdən Qəzvinə doğru hərəkət etdi. Fəxrəddin Təbrizdən əlli min atlı qoşunla hərəkət etdiyi zaman onu, Təbriz əyan və ruhaniləri vəliəhd ilə birlikdə Vasminc şəhərinə qədər yola saldı. Xalq arasında söhbətlərin məzmun və mündəricəsi olduqca müxtəlif idi: – Bu müharibənin öhdəsindən əlli min qoşun ilə gələ bilmək fikri sadəlikdir. – Bağdad ordusunun sayı yüz min nəfərdən artıqdır. – Yaquba, Şəhriban, Qızıl Rübat, Qəsr-Şirin, Harunabad, Kirmanşah, Əsədabad və Gəngavər şəhərlərində qoşun əlindən hərəkət etmək mümkün deyil. – Həmədan ilə Qəzvin arasında olan qoşunun sayını Allahdan başqa bir adam da bilməz. – Əlli min yalnız İraq atlılarıdır. – Fəxrəddin çox da özünə öyünməsin. Bağdad ordusunun içində minlərcə Fəxrəddinlər vardır. Bu müharibədə Fəxrəddin başını sındıracaqdır. – Özü də çox uzaq bir zamanda yox, ən yaxın günlərdə məlum olacaq. Başqa məzmunda söhbətləri də eşitmək mümkün idi: – Qarışqanın sayı filin sayından artıqdır. Lakin fil bir kərə ayağını yerə qoyanda yüz minlərcə qarışqa tələf olur. – Ona Fəxrəddin deyərlər. Bağdadlılar onu çox gözəl tanıyır, Azərbaycan ordusu tarixdə heç bir zaman məğlub olmamışdır. ...Azərbaycan ordusunun qabaq hissələri İmamzadə Hüseynə yetişdikləri zaman İraq və Bağdad qoşununun Qəzvin şəhərini işğal etdikləri məlum oldu. Ordu orada dayandı, vəziyyəti Fəxrəddinə xəbər vermək üçün təcili çapar göndərdilər. Düşmən ordusundan alınan gizlin xəbərlər, onların irəli hərəkət etmək istədiklərini göstərmirdi. Qəzvin ancaq Bağdad ordusu işğal etmişdi, onların əsas olaraq istinad edəcəkləri Rey ordusu hələlik Qəzvin altına gəlib çatmamışdı. Qətibənin özü bir aydan bəri Soltaniyyə camesində çadırını qurub oturmaqda və Rey ordusunun təşkilatı ilə məşğul olmaqda idi. Alınan xəbərlərə görə Rey ordusu da Azərbaycan ordusu kimi iki hissəyə ayrılmışdı. Onların bir hissəsini Qütlüğ İnanc, o biri hissəsini Hüsaməddin idarə edirdi. Qətibə Bağdad ordusu sərkərdəsinə göndərdiyi məktubunda deyirdi: “Rey qoşunu Qəzvin altına gəlmədən qabaq müharibəyə başlanmasın, hərgah azərbaycanlılar hücuma keçərsə, müdafiə halında durmalısınız. Aldığım xəbərlərə görə azərbaycanlıların qüvvələri çox azdır. Müharibə yaxşı tədbir üzərində aparılarsa, onların məhv edilməsi ancaq bir neçə günün işidir. Qalib gəldiyiniz zaman, Seyid Əlaəddin və Fəxrəddini diri tutmalısınız. Onları mən özüm cəzalandıracağam. Onları diri tutanların hər birisi beş min dirhəm qızıl mükafat alacaqdır”. Qətibə məktubu içi boş bir əsanın içinə qoyub qasidə verdi və ehtiyatlı olmasını tapşırdı. Qasid Nərcə kəndinin yanından keçərkən, Fəxrəddinin ordusundan göndərilən kəşfiyyatçılardan Dəmirə rast gəldi. Kəşfiyyatçı qasidi dayandırıb soruşdu: – Haradan gəlirsən? – Soltaniyyədən. – Hara gedirsən? – Bu nə sualdır? Görürsən ki, Qəzvinə gedirəm. – Nə üçün gedirsən? – İşim vardır, ailəm oradadır. – İrəli gəl, səni axtaracağam. – Rədd ol buradan səfilin birisi! – Artıq danışıq lazım deyil. Soyun, deyirəm! – Mən sənin kimi yolvuranları çox görmüşəm. Bu sözdən sonra Dəmir qılıncı qasidin başına endirmək istərkən, qasid ağacı qılıncın qarşısına verdi, ağac sındığı zaman məktub yerə düşdü. Dəmir isə məktubu götürüb qasidi qolları bağlı olaraq Fəxrəddinin yanına gətirdi. * * * Qütlüğ İnancın ordusu hələlik cəbhəyə gəlməmişdi, lakin Hüsaməddin sübh açılan kimi Rey ordusunun əsas hissələri ilə bərabər cəbhəyə yola düşəcək idi. Qətibənin qulamı Hüsaməddinin çadırına gəlib onu mələkənin çadırına çağırdı. Hüsaməddin çadıra girdiyi zaman Qətibəni həddindən artıq şad gördü. O yenə də bəzənmiş və cəvahirlərini üzərinə tökmüşdü. O irəli gəlib əlini Hüsaməddinə uzatdı: – Mənim sevimli dostum! – dedi. – Bu günlər sənin və mənim çəkdiyim iztirabların son günləridir. Sən özün çəkdiyin əziyyətləri ölçüyə vurduğun zaman, mənim nə qədər iztirab çəkdiyimi təyin edə bilərsən. Nə edəydik? Öhdəmizdə olan vəzifə iztirab tələb edəcək vəzifə idi. Hüsaməddin, mən qəlbimi sənin qəlbinə aşılamaq üçün iki böyük hökmdarı məhv etdim. Üçüncüsünü isə taxt-tacını buraxıb qaçmağa məcbur etmişəm. İndi isə son günlərdir, vəzifələri tamamlamaq və acı iztirabların şirin nəticəsini almaq zamanı yetişibdir. Sən bilirsən ki, bu müharibədə iştirak edənlərin hər birisi bir məqsəd üçün yox, bir əmrə itaət etmək üçün müharibə edirlər. Lakin sən həm bir əmr üçün, həm də müqəddəs bir məqsədi həyata keçirmək üçün müharibə etməlisən. Sənə həm mən əmr edirəm, həm də sənin mənə olan sevgilərin səni cəbhəyə göndərir. Sən bu müharibəni qazanmaqla mənim qəlbimi qazanmış olacaqsan. Düşmənə endirdiyin hər bir zərbə mənim döşümə taxacağın bir çiçək qədər qiymətli olacaqdır. Mənim dostum! Sən hələ mənim gözümdə gəncsən. Mən çox təəssüf edirəm ki, gəncliyə məxsus zənginliyi sənin əlinə tapşırmağa müvəffəq ola bilmədim. Hüsaməddinin heyvani duyğuları yenə də coşdu, yenə də o, Qətibənin bu sözlərini eşidərkən, hazırda qarşısında duran Qətibəni deyil, gənc, gözəl, sevgili Qətibəni görməyə başladı. Xəyal və şəhvət yenə də onun gözlərini pərdələdi, onun qəlbi yenə də müdhiş cinayətlərin üzərindən atılıb şirin və sevimli keçmişlərə qayıtdı və o, öz-özünə dedi: “Xoş günlərin xatirəsi də bir vüsal qədər müqəddəsdir. O ancaq indi-indi qadınlıq yaşına çatır. O, artıq kişi ilə bir qız kimi oynamağı yox, onu bir kişi olaraq qiymətləndirməyi bacara bilir, bunların hamısından sonra, o, Şərqin məşhur qadınıdır. Xalqın “Hüsaməddin Eldəniz xanodanının böyük mələkəsini qolları arasına almışdır” – deməsi mənim üçün bir şərəfdir. O, gözəl və əylandirici bir qadındır. Hüsaməddin bunları düşünərkən şəhvət onu irəliyə sürüdü, o dodaqlarını yenə də Qətibənin dodaqlarında gördüyü zaman, qulaqları həmişəki sözü eşitdi: – Hüsaməddin, dalısı sonra! O, geri çəkilib mələkəyə təzim edərək dedi: – Elədir mələkə! Məni bu müharibəyə cəlb edən iki şeydir. Biri əsgəri vəzifəm, ikinci isə mələkəyə olan hörmət və pərəstişimdir. Madam ki, mələkə mənim üçün yaşamaqdadır, mən də onun üçün ölümə getməyə hazıram. Mən qələbəyə ümid edirəm. Hərgah Fəxrəddin azərbaycanlı olduğu üçün özünü qəhrəman hesab edirsə, onun qarşısında duran zat da azərbaycanlıdır. Fəxrəddin və Əlaəddinin boyunlarına ip salıb sürüyə-sürüyə mələkənin yanına gətirəcəyəm. Qətibə bir daha onun boynunu qucaqlayıb öpdü və: – Mən onları dara çəkdirəcəyəm. Kəbinimiz dar ağacının altında kəsiləcəkdir, – dedi və dodaqlarını Hüsaməddinin dodaqlarından çəkərkən əlavə etdi. – Birbaş Təbriz üzərinə hücum edib vəliəhdi öldürərsən, sonra da onun nişanlandığı Təliənin saçlarından tutub sürüyə-sürüyə hüzuruma gətirərsən. Son tapşırığım bundan ibarətdir. Lakin Qətibə öz dediklərinə inanmırdı. Çünki o, Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. Hüsaməddin vidalaşaraq yola düşəndən bir gün sonra Qətibənin oğlu Qütlüğ İnanc da Soltaniyyədə olan beş min atlı ilə Qəzvin şəhərinə yola düşəcək idi. Qətibə oğlunun üzündən öpərək: – Ehtiyatlı ol, səni müharibəyə yox, müharibəyə rəhbərlik üçün göndərirəm, – dedi. – Sən ölməyə deyil, qoşunlarına “Vətən yolunda öl” demək üçün gedirsən. Sərkərdələrini öyrən, hər kəs nəyi sevirsə, onu da vədə ver. Xırda ehsanları xırdalar üçün, böyük ehsanları isə böyük adamlar üçün əsirgəmə. Ağıllı adamları öz yanında saxla. Onları müharibəyə buraxma, çünki əqilli olanlar, bu müharibənin məzmununu anlayanlar, bizim yolumuzda ölümə getməzlər. Sən qəhrəmansan, lakin qardaşın Əbubəkr də qəhrəmandır. Atanızın pəhləvanlıq irsinin böyük bir hissəsi onun qismətinə düşmüşdür. Buna görə də onunla qarşı-qarşıya gəlməməlisən. Bu müharibənin nə üzərində getdiyini pərdələmək üçün ərəb və iranlıların vətən və millət duyğularını coşdurmalısan. Təbrizə girdiyin zaman Təbriz əyanlarına, Təbriz ruhanilərinə bacardığın qədər hədiyyələr və ehsanlar ver, çünki onlar üçün hədiyyə və ehsan hər şeydən – vətəndən, dindən də qiymətlidir. Atan daima deyərdi ki: “Təbrizi ehsan və xələt, reyliləri aldatmaq, Xorasanı vədələr, Azərbaycanı daxili ixtilaf, fars məmləkətlərini isə din və məzhəb mübahisələri nəticəsində özümə bağladım”. Buna görə də girdiyin ölkələrdə atanın getdiyi yol ilə get. Xalqın əsas bir xüsusiyyəti vardır, onlar böyük bir məmləkəti qarət etmək üçün gəldiyini hiss etsə belə, on nəfərə ehsan etdiyin üçün səni bir hatəm kimi tanıya bilərlər. * * * Təbriz ilə Qəzvin arasında təcili poçt düzəldilmişdi. Vəliəhd cəbhənin vəziyyətilə bir günün müddətində tanış ola bilərdi. Vəliəhdin Fəxrəddinən aldığı son məktub təskinedici bir surətdə yazılsa belə, yenə orada düşmən qüvvəsinin sayca bir neçə qat artıq olduğu göstərilirdi. Bu müharibədə yalnız ərəb və iranlılar deyil, Xarəzmşahın qoşunları da iştirak edirdi. Azərbaycan Atabəyliyini Şərq səhnəsindən silmək üçün böyük bir ittifaq düzəlmişdi. Düşmənin hücuma keçməsi, Qəzvin ətrafını möhkəmlətməsi, onun böyük müharibəyə hazırlandığını göstərirdi. Qəzvin altında baş verən bu müharibə Yaxın Şərq tarixində mühüm bir hadisə şəkli alırdı. Bu cəhətləri nəzərə alaraq vəliəhd hadisəyə yalnız adi bir müharibə kimi yox, xanədan və hökumət təddəddülatı məsələsi kimi baxırdı. Vaxtilə Qızıl Arslan tərəfindən sürgün edilmiş qoca vəzir Şəmsəddin Qızıl Arslanın öldürüldüyünü və məmləkətə qarşı düşmənlərin böyük bir ittifaq düzəltdiyini eşidərək Təbrizə gəlmişdi. Şəmsəddin, Əlaəddin və Fəxrəddinin iştirakı ilə düzələn müşavirədə Azərbaycan ordusunun müdafiə halında durmayıb hücuma keçməsi qərarı çıxarılmışdı. Qoca vəzir Fəxrəddinə yazdığı məktubunda deyirdi: “Müharibəni qazandıran əsas cəhətlərdən birisi də ruh yüksəkliyidir. Ruh yüksəkliyi, daima müharibə təşəbbüsünü əlinə alan və hücum edən tərəfin əlində ola bilər. Buna görə də sənin rəhbərliyin altında olan ordu özünü müdafiəyə yox, hücuma hazırlamalıdır. Çünki Azərbaycan ordusunun tutduğu hazırkı mövqe müdafiə üçün əlverişli deyildir. Düşmən ordusunun hazırda Siyahdəhan və Suniqan tərəflərini əldə etmək təşəbbüsü, Azərbaycan ordusunu Xərrud və Əbnərrud çaylarının arasına sıxışdırıb məhv etməkdən ibarətdir. Buna görə də hər nə qiymətə mal olursa olsun, Şərəfabad təraflərini işğal edib, düşmənin arxasına keçmək hərəkətini asanlaşdırmalıdır. Düşmənin cəbhəyə sürdüyü ordunun sayı nə qədər artıq olursa, o qədər də tez məğlub olacaqdır. Çünki Qəzvinin hərb səhnəsi olduqca dardır. Böyük bir ordu oynatmaq üçün əlverişli deyil. Əsas dəstürüləməli vəliəhd həzrətlərinin özü gətirməkdədir”. Şəmsəddin bu məktubu Fəxrəddinə göndərdikdən sonra vəliəhdə nəsihət verib dedi: – Hökmdarın ordu içərisində olması mütləq lazımdır, çünki bununla orduda ruh yüksəkliyi oyanar və qoşunun qəhrəmanlığı artar. Eyni zamanda, hökmdarın qılıncla müharibədə iştirak etməsi ordunun məğlubiyyətinə səbəb ola bilər. Ən qüvvətli bir ordu hökmdarının atdan düşdüyünü görürkən ruhdan düşər və müharibə etmək istəməz. Bu müharibə ancaq sənin əleyhinədir. Buna görə də düşmən birinci növbədə hökmdarı hədəf etmək istəyəcəkdir. * * * Təliə vəliəhdin cəbhəyə getmək xəbərini bir neçə gün əvvəl eşitmişdi, indi də onu səfər libasında gördüyü üçün şiddətlə ağladı. Vəliəhd onu bu göz yaşlarından mən etmək və təsəlli vermək üçün saçlarını sığallayaraq deyirdi: – Nə üçün ağlayırsan? Bizim xoşbəxtliyimiz sarayda qapanıb qalmaqda deyil, çünki ağır bir qiymətə mal olmuş bu məmləkəti ucuz qiymətə satmaq tarixcə böyük həqarətdir. Bizim xoşbəxtliyimiz ən yaxın bir zamanda və ən böyük bir qələbədən sonra baş tutacaqdır. Çünki bütün xoşbəxtliklər namus və şərəf üzərində qurulduqdan sonra davam edə bilər. Təliə, bu müharibə mənim ilə sənin bacın oğlunun arasında gedən şəxsi bir müharibədir. Xalq cəbhədə özünü mənim yolumda qurban verdiyi sırada, mənim qorxaqcasına sarayın bir bucağına qısılıb qalmağım qorxaqlıq və vicdansızlıqdır. De görüm Təliə, sən qorxaq, həqir və vicdansız bir adamın üzünə nə cür baxa bilərsən? Təliə daha ağlamırdı, o, göz yaşlarını silərək deyirdi: – Sən bunların heç birisindən deyilsən, mən də bu sənətdə olan adamı sevmirəm, lakin sənin həyatını da başqalarına inana bilmirəm. – İnan Təliə, mən yabançıların içinə getmirəm, öz doğma xalqımın içərisinə gedirəm. Onlar məni sevirlər. Mən onların bacısı oğluyam. Bacın Qətibənin mübarizəsi də bu zəminədə gedir. Çünki o mənim anamı bir kəndli qızı hesab etdiyi üçün məni vəliəhdliyə səlahiyyətli görmür. Lakin Azərbaycan xalqı öz bacısı oğlunun haqqını müdafiə etmək üçün iyirmi beş yaşından başlayaraq əlli yaşına qədər silaha sarılmışdır. Onlar məni cəbhədə gözləyirlər. Təliə, tək getmirəm, anam da Arandan gəlibdir. O da öz qardaşları və qohumları ilə bərabər cəbhəyə gedir. Vəliəhd bu sözləri danışdığı zaman qapı açıldı, ucaboylu və qırx beş-əlli yaşlarında bir qadın içəri girdi. Qadın fikirli gözlərini açıb bir Əbubəkrə, bir də Təliəyə baxaraq durdu. Vəliəhd sükutu pozaraq: – Təliə, bu mənim anamdır. Gəl əlini öp, o bizim xoşbəxtliyimizin əleyhinə deyil, o səni də, məni də qəlbən sevir. O həm qəhrəmandır, həm də mehriban bir anadır. Qadın irəli gəlib bir əli ilə Təliənin, o biri əli ilə də Əbubəkrin əlindən tutaraq: – Əmin olun! – dedi. – Müharibələr hər nə məqsəd üzərində gedirsə getsin, sonunda bir həqiqətlə nəticələnmiş olur. Nə mənim özüm mələkəlik iddiasında olmuşam, nə də oğlumun padşahlığa yetişməsini istəmişəm. Lakin Azərbaycan öz oğlunun haqqını müdafiə etmişdir, yenə də edir. Buna görə də mən Atabəy Məhəmməd öldürüldüyü zaman oğlumu da götürüb Azərbaycana qayıtdım. Mələkəlik və varislik mübarizəsinə qarışmadım. Lakin hazırda Atabəy Məhəmməd və Qızıl Arslan öldürüldükdən sonra düşmən mənim oğlumu da məhv etməyə çalışır. Hazırda mən öz qohumlarım və öz elim bərabər cəbhəyə gedirəm. Bu gediş oğlumu müdafiə etməklə bərabər, Azərbaycanın istiqlaliyyətini də müdafiə etməlidir. Sənin oğluma qarşı olan sədaqət və sevginə inanıram. Sən bunu işdə göstərdin. Mən nə qədər ki, sənin bacını düşmən tuturam, bir o qədər sənin dostumam. Azərbaycanlıların dostpərəst olduqlarını bugünkü hadisələrlə təyin edə biləcəksən. Şirvan hüdudundan başlayaraq Qəzvin hüduduna qədər olan uzun yollar cəbhəyə sursat daşıyan karvanlar ilə işğal edilibdir. Qadın bu sözləri dedikdən sonra qiymətli bir üzük çıxarıb Təliənin barmağına taxdı və dedi: – Bu üzüyü sənin barmağına taxan Azərbaycan qızı Gözəldir. Bu üzük sənin nişan üzüyündür. Toy isə qələbədən sonra. Qadın bunları deyib getdiyi zaman, Təliə onun dalınca baxaraq sevindiyindən ağladı və: – Doğrudan da gözəldir. Bu ad ancaq sənin anana layiqdir, – dedikdə vəliəhd də onun dodaqlarından öpərək: – Sən də gözəlsən, mənim ruhum! Hələlik salamat qal, – deyərək, vidalaşıb getdi. Təliə isə otağın ortasında durub düşünür və öz-özünə deyirdi: “Bu müharibə iki qardaşın arasında, eyni zamanda iki bacının arasında gedən müharibədir. İndi görək iqbal kimin üzünə güləcəkdir”. * * * Vəliəhdin rəyasəti altında çağırılan hərbi müşavirə gecə saat ikidə qurtardı. Saat üçdə Fəxrəddin Şəmsəddinli atlılarına əmr verdi. – Bu gecə, səhər açılmazdan Şəmsəddinli atlısı Şərafabadı işğal etməlidir. Qarabağ atlısı isə Qəzvinin üç fərsəng məsafəsində olan Məkul çeşməsinin ətrafını tutmalıdır. Gündüz saat on ikidə gələn xəbərlərdə Şərafabad altında qanlı müharibələr getdiyi və nəticədə Şəmsəddinli atlısının Şərafabadı işğal etdiyi söylənirdi. Məkul çeşməsi ətrafını əldə etmək üçün hücum edən Qarabağ atlılarının düşmənin böyük bir qüvvəsinə rast gəldiyi xəbəri çatınca, Şəmkir atlıları Qarabağ atlılarının köməyinə göndərildi, nəhayət, Məkul çeşməsi ətrafında yerləşən iraqlılar öz silah və sursatlarını qoyub qaçmağa məcbur oldular. İkinci gün Bağdad qoşunları böyük dəstələrlə Suniqandan hərəkət edib Şərafabad üzərinə şiddətli bir hücum düzəltdilər. Üç gün davam edən bu müharibə Bağdad qoşununun məğlubiyyəti ilə bitdi. Məkul çeşməsi ətrafını qaytarmaq üçün vuruşan iraqlılar isə dörd günlük müharibədə qüvvələrinin mühüm bir hissəsini itirəndən sonra geri çəkilməyə məcbur oldular. İki gün hər tərəfdə sakitlik davam etdi. Fəxrəddinin əldə etdiyi məlumatda düşmənin müdafiə halına keçməsi və bunun üçün də Qəzvin ətrafında istehkamlar düzəltməsi xəbəri gəldi. Düşmənin istehkamlarını dağıtmaq üçün gətirilmiş beş yüz mənçəniq, Şərafabad ətrafında qurulmağa başladı. Üçüncü gün səhər açılan kimi on batmanlıq daş atan mənçəniqlər Siyahdəhən, Şah və Suniqan məntəqələrini döyməyə başladı. Bir gün, bir gecə davam edən mənçəniq müharibəsi nəticəsində düşmən səngərləri daş təpələri şəklini aldı, minlərcə meyit daş qırıntıları altında küftə kimi əzildi. Qütlüğ İnanc vəziyyəti ağır görüncə, atını minib İraq atlısına hücum əmri verdi. Günəş Səkzəbad təpələrinin dalından çıxan zaman, on minlərcə qılınc qınından çıxmışdı. Polad geyimlərə bürünmüş iki sel sürətlə bir-birinə qarşı axırdı. Mənçəniqlər susmuşdu. Fəxrəddinin səsindən başqa bir səs eşidilmirdi, o: – Qarabağlılar irəli! Şəmsəddinlilər sağa! Gəncəlilər sola! Qaradağlılar mərkəzə! – deyə qışqırır və atını düşmən selinə qarşı məhmizləyirdi. Beş dəqiqədən sonra sanki iki ildırım bir-birinə toxundu. Qılınclar qalxanların qübbələrinə toxununca minlərcə insanın başından qığılcımlar çıxmağa başlamışdı. Atlar insanların meyiti üzərindən atılıb keçirdi. Minlərcə yəhərli qanlara boyanmış atlar sahibsiz olaraq vuruşma məntəqəsindən ayrılıb düzlərə qaçırdı. Qılınc şaqqıltısı, at iniltisi və pəhləvanların qışqırtısından başqa bir səs eşidilmirdi. Yerlər meyitlərlə dolmuşdu. At oynatmağa imkan qalmamışdı. Günorta zamanı Qütlüğ İnanc atını məhmizləyib irəli keçdi. O, Fəxrəddinlə qarşı-qarşıya gəlib onu səslədi: – Dayan, Fəxrəddin! Səninlə döyüşmək fikrində deyiləm. Çünki bir tək səni öldürməklə bu müharibə bitməyəcəkdir. Bu müharibə iki qardaşın arasında gedən müharibədir. Onlardan birisi məhv olmadan bu müharibə bitməyəcəkdir. Hər iki tərəf müharibədən əl çəkib Qütlüğ İnancı dinləyirdi. Atların nəfəsinin fısıltısından başqa bir səs eşidilmirdi. Qütlüğ İnanc sözünü davam etdirib dedi: – Qoy Əbubəkr özünü müdafiə etmək üçün minlərcə xalqın ölümünə əmr verməsin. Qoy onun özü mənim müharibəmə çıxsın. Qoy qılıncını çəkib mənə hücum etsin. İkimiz müharibə edək. Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. Qoy onlar özü bizim aramızda hakəm olsunlar. Cahan pəhləvan Məhəmmədin pəhləvanlıq mirası kimin əlinə çatmışsa, qoy məmləkət də onun ixtiyarında qalsın. Qütlüğ İnanc bunu deyərək atını oynatdı. Hər iki tərəfdən ona tamaşa edənlər bir ağızdan: – Atabəy Məhəmməd bir daha dünyaya qayıtmışdır, – deyir və onun boy-buxununa tamaşa edirdilər. Fəxrəddin atını məhmizləyib danışdı: – Bu müharibənin haradan və nə üçün başladığını bütün xalqlar bilir. Bu müharibə ölümlərdən, qan və böhtandan ləzzət alan bir qadının həyatı keçə bilməyəcək arzularından doğmaqdadır. Bu ixtilafı Azərbaycan xalqının qılıncları həll edəcəkdir. Qütlüğ İnanc atının başını çəkib durdu və etidalını pozmayaraq Fəxrəddinə nəsihətverici bir halda dedi: – Fəxrəddin! Sənin böyük bir pəhləvan olduğunu bilirəm. Lakin birinci kərədir ki, səninlə üz-üzə gəlirəm. Səndən bir əsgər kimi rica edirəm, anamın adını çəkmə, hərgah mən də sizin ananızın adını çəkərsəm, müharibə uzanar. Sənin bizim ailəyə qarşı olan barışmaz düşmənliyini bilirəm. Bunun cəzasını sonra da verə bilərəm. Sən hələlik qayıt, sizi bu cəbhəyə göndərənləri mənim yanıma göndər. Bütün Azərbaycan xalqına yalvarıram: qardaşlar arasında gedən müharibəyə yadlar qarışmamalıdır... Qütlüğ İnancın bu sözlərini yalnız öz ordusu deyil, Azərbaycan ordusu da təsdiq edirdi: – Doğrudur! Doğrudur! Lakin vəliəhdin ətrafında olanlar onun Qütlüğ İnanclə müharibəyə çıxmasına razı deyildilər. Onlar vəliəhdi müharibəni qəbul etməkdən mən edirdilər. Vəliəhdin anası Gözəl çadırın pərdəsini qaldırıb içəri girdi və vəliəhdə acıqlanaraq dedi: – Nəyi gözləyirsən? Qütlüğ İnanc səni səsləyir. Nə üçün cavab vermirsən? Qorxaq və aciz bir oğulu mən özüm məhv edərəm. Dur geyin! Hamı səni gözləyir. Dur, cəbhəyə get, qoy bütün Şərq dünyası bilsin ki, Atabəy Məhəmmədin qəhrəmanlıq irsini bir ərəb qızının oğlu yox, bir Azərbaycan kəndlisinin oğlu daşımaqdadır. Qütlüğ meydanda at oynadır, sən də özünü göstərməlisən. Səni yaxşı tanıyıram, buna görə də sənə tapşırıq verirəm, onu öldürməyəcəksən. Çünki mən qardaş qatili olan övladı sevə bilmərəm. Vəliəhd anasının sözlərindən şadlandı, üzünü çadırdakılara tutub səsləndi: – Xidmətçilərdən başqa hamı çadırdan çıxsın! Çadır boşaldı. Pəhləvan geyinməyə başladı, o yarım saatdan sonra dəmir-polada bürünmüş bir surətdə çadırdan çıxdı, çadırın qapısında saxlanan atların içərisindən Fəxrəddinin ona bağışladığı bir ərəb atını seçdi. Vəliəhdin çadırından başlayaraq, döyüş səhnəsinə qədər olan uzun yolun hər iki tərəfində ancaq Qarabağ və Gəncə atlıları durmuşdu. Vəliəhd atın üstünə qalxdığı zaman yüzlərcə təbil, kərənay və şeypurlar səsləndi. Bu səsləri hər iki orduda eşidənlər vəliəhdin döyüş meydanına gəldiyini eşidərək maraqlandılar, hər atlı irəli keçməyə və onu görməyə tələsirdi. Qütlüğ İnanclə vəliəhdin özü də bir-birlərini görməyə tələsirdilər. Onlar həm düşmən, həm də atabir qardaş kimi görüşməkdən maraqlanırdılar. Çünki bunların hər ikisi bir-birinin qəhrəman olduğunu eşitmişdi. Şairlərin, onların igidlikləri barəsində yazdığı dastanları xatırlarkən, şübhəsiz onlar bir-birilə maraqlanmaya bilməzdilər. Orduların arasında gedən və hər iki qəhrəmana həsr edilən söhbətlər əfsanə şəkli almışdı: – Qütlüğ İnanc şir şikarına çıxmağı sevir. – Vəliəhd əlini yatmış dəvənin belinə qoysa, dəvə qalxa bilməz. – Qütlüğ İnanc bir qılınclə filin boynunu yerə salmışdır. – Vəliəhd dörd min məcməyini bir-birinin üstünə qoyub mum kimi yumşaldır. – Gümüş sikkəyə bir kərə barmağını sürtən kimi yazılarını silir. – Əlləri dəmir zənciri çəkib qıracaq qədər qüvvətlidir. Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. Bu zaman döyüş səhnəsində təzə bir mənzərə asıldı. Vaxtilə Atabəy Məhəmmədi görənlər döyüş səhnəsində iki nəfər Atabəy Məhəmmədin qarşı-qarşıya durduğunu görüb heyrətləndilər. Qütlüğ İnanclə vəliəhdin arasında olan məsafə iyirmi qədəmdən artıq deyildi. Buna görə də iki qardaş uzun dəqiqələr durub bir-birinə baxdılar. Çünki onlar doğulan gündən bu günə qədər görüşməmişdilər. Şübhəsizdir ki, onların bir-birinə baxıb düşünməsi, özlərinin birinci dəfə döyüş səhnəsində görüşdükləri üçün idi. Şərq tarixində qardaşın qardaşa zəhər verib öldürməsi, gözlərinə mil çəkdirməsi hadisələri o qədər təəccüblü hadisə deyildi, lakin iki qardaşın hərb səhnəsində qarşı-qarşıya durub müharibə etməsi birinci hadisə idi. Rəyasət eşqi ilə qardaş məhəbbəti qarşı-qarşıya durub döyüşürdü. Buna görə də pəhləvanların hər ikisi ağlayırdı. Bu qədər qorxulu bir zamanda görüşmək onlar üçün çox ağır idi. Lakin onların barışması mümkün deyildi. Hər zamanda olduğu kimi, yenə də rəyasət və üstünlüyün məhəbbəti qardaşlıq məhəbbətinə qalib gəldi. İki qardaş bir-birinə baxdığı zaman iki ana da durub oğlanlarının döyüşməsinə baxırdı. Bir tərəfdən Gözəl, o biri tərəfdə isə Qətibə uca bir təpənin üstündə durub gözlərini döyüş səhnəsinə tikmişdilər. Dörd qəlbin çırpınması şübhəsiz idi, lakin o çırpıntıların məzmunu və mündəricəsi bir deyildi. Bir qəlb şərəf, namus və ana məhəbbəti, o biri qəlb isə rəyasət, üstünlük və mələkəlik arzuları ilə çırpınırdı. Lakin təpələrin üstündə duran analar, oğullarının sakit vəziyyətdə durduqlarına çox uzun dəqiqələr baxmağı bacarmadılar. Çünki birdən-birə döyüş səhnəsini toz təbəqələri öz qanadları altına aldı. Hər iki pəhləvan dağ kimi yerindən tərpəndi. Qütlüğ İnanc atını məhmizləyib ildırım sürətilə döyüş səhnəsini dolandı və kəməndi halqalayıb qardaşına tərəf atdı. Bu halda düşmən qoşunundan: “Afərin! Əhsən! Mərhəba!” səsləri hər tərəfi bürüdü. Çünki iraqlılar Şərqdə Qütlüğün kəməndindən qurtara bilən bir baş mövcud olmadığını bilirdilər. Kəməndin halqası ilan kimi havada qıvrılaraq vəliəhdin boynuna sarılmaq istərkən vəliəhd halqanı havada tutdu və atına qışqıraraq: “Kürən at, geriyə dön!” – dedikdə kürən at dərhal geriya sıçradı, Qütlüğ İnanc isə yəhərdən çıxmamaq üçün kəməndi əlindən buraxdı. Vəliəhd dərhal kəməndi yığıb yəhərin qaşına saldı. Qütlüğ İnanc acıqlandı və qılıncını çəkib vəliəhdin üstünə ildırım kimi şığıdı. Qütlüğ İnancın atı vəliəhdə yaxınlaşmadan vəliəhd əlini atıb heybədən dəmir bir kərpic çıxardı və onu Qütlüğün sürətlə yüyürməkdə olan atının alnına vurdu. Qütlüğ İnanc atla bərabər yerə yıxıldı, o tez qalxıb özünüələ alıncaya qədər vəliəhdin kəməndi onun qollarını bədəninə sarıdı. Vəliəhd atını məhmizləyib Qütlüğü Azərbaycan ordusuna götürmək istərkən, iraqlılar Qütlüğü azad etmək üçün ümumi hücuma başladılar. Bu hücuma Fəxrəddin, Aran atlıları ilə cavab verdi. Qanlı müharibə gecənin qatı qaranlığına qədər davam etdi. Gecəyarısı Azərbaycan ordusu böyük bir qələbə ilə Qəzvin şəhərini işğal etdi. İraq və Bağdad qoşunu bütün qərargahını və ərzaq şeylərini, silah və yük mallarını buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. * * * Təzə hadisələr Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi. Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi. Sultan Məsul Hərran şəhərində faciətən vəfat etdikdən sonra, yerinə oğlu Arslan şah keçər-keçməz Suriya səfərindən əl çəkərək İraq və Azərbaycan məmləkətini hədəfə aldı. Toğrulun əlində olan məmləkətləri bölüşmək, xüsusən Azərbaycan məmləkətini Arslan şah məmləkətinə ilhaq etmək üçün xəlifə ilə Arslan şahın tədbirli vəziri Mücahiddin arasında bir müqavilə bağlandı. Bu müqaviləyə görə Arslan şah Səlahəddin Əyyubinin yerini tutan Məlik Adil ilə sülh edəcək və Arslan şahın Suriya tərəfinə hücum edən ordusunu Həmədan və Azərbaycan üzərinə göndərəcəkdi. Bu müqavilə olduqca müvəffəqiyyətli bir surətdə həyata keçdi. Arslan şah qızını Məlik Adilin oğluna verməklə aralıqda olan sərhəd ixtilafını tamamilə həll və təsviyə etdi. Şəxsən xəlifənin özü Suriya ilə Musil arasında olan ixtilafın həllində ciddi iştirak etdi. Çünki o, Bağdadın burnunun ucunda başlanmış bu ixtilafı öz nüfuzu üçün ən qorxulu bir hadisə edirdi. Toğrul məmləkəti ətrafında çevrilən bu macəra Fəxrəddini rahatsız edirdi. Həmədan yenə də ecnəbi casuslarının yuvasına çevrilmişdi. Toğrul hələlik ki, paytaxta qayıtmamışdı. O özünün bir daha paytaxta buraxılacağına inanmırdı, çünki azərbaycanlılar hökumət təbəddülatı yaratmaq və vəliəhdi hökmdar elan etmək hazırlığını aparırdılar. Bu vəziyyəti nəzərə alaraq Fəxrəddin Nizamiyə göndərdiyi məktubunda yazırdı: “Möhtərəm dostum! Biz azərbaycanlılar əldə etdiyimiz son qələbə nəticəsində, Bağdad və Rey məsələsini həll edilmiş bir məsələ kimi zənn etməliyik. Xəlifə ilə Arslan şah arasında bağlanan müqavilənin surətini əldə etdiyimdən, onu məktubla bərabər sizə göndərirəm. Xəlifə hazırda Toğrulun bir siyasət adamı kimi səhnədə davam edə bilməyəcəyini yəqin etdiyindən, Arslan şahı müqtədir bir hökmdar kimi siyasət səhnəsinə çıxarmağa çalışır. Xəlifə Həmədandan başlayaraq Şirvan və Gürcüstan hüdudlarına və oradan da İraq və Kirmana qədər uzanan böyük bir məmləkəti Arslan şahın məmləkətinə ilhaq etməyə qərar vermişdir. Bunları nəzərə alaraq mən Azərbaycan daxilində hökumət təbəddülatı yaratmağı vaxtsız hesab edirəm. Biz bu fikri bir qədər geriyə atmalıyıq, çünki Toğrulun bizim tərəfimizdən hökumət başından qovulduğu şayiələrini əlində bəhanə edənlər həddindən artıqdır. Hazırda paytaxtın padşahsız olduğu xəlifənin əlinə böyük bir bəhanə vermişdir. O, Həmədana göndərdiyi nümayəndəsi vasitəsilə bizə verdiyi sifarişdə: “Paytaxtın padşahsız olması Bağdad dairələrini düşündürməyə bilməz” – deməkdədir. Mən bunu nəzərə alaraq Toğrulun hələlik paytaxta gətirilməsini məsləhət görürəm. Lakin Şəmsəddin, paytaxtın Həmədandan Təbrizə köçürülməsini məsləhət görür. Məncə bu fikir olduqca zərərli bir fikirdir. Məncə Həmədanı itirmək, Cənubi Azərbaycanı itirməkdir. Araz çayının aralıqda hayıl olmasına baxmayaraq, Təbriz şəhərini Cənubi Azərbaycan hesab etmək olmaz, çünki, Təbriz bütün mənasilə Şimali Azərbaycandır. Odur ki, biz Həmədan şəhərini Cənubi Azərbaycanın paytaxtı kimi müdafiə etməliyik. Paytaxtı Həmədandan Təbrizə köçürmək, Həmədanı xəlifəyə bağışlamaq kimidir. Əyyubilərin Arslan şahla barışması, Musil atabəylərinin mövqelərini möhkəmlətdi. Onlar yaxın bir zamanda atlarını Maşanrud çayında suvarmaq istəyəcəklər. Musil atabəyləri Cənubi Azərbaycana girmək üçün hər bir şeyi hazır etmişlər. Onlar orada ciddi iş aparırlar. Möhtərəm şair, məsələni vəliəhdə qandırmalıdır. Toğrulu, müvəqqəti olaraq taxta qoymaq, vəliəhdin işdən gotürülüb tac-taxtdan məhrum edilməsi kimi mənə edilməməlidir. Hazırda məmləkətdə baş verən dedi-qoduları dağıtmaq üçün, Toğrulu paytaxta gətirməkdən başqa bir çarə ola bilməz. Bağdad bizim lehimizə olsa belə, yenə də onun nüfuzu və himayəsi bizi bu təhlükədən qurtara bilməz. Xəlifənin özü də hökumətləri bir-birinin əleyhinə qaldırmaqla başını saxlamaqdadır. Hazırda xəlifənin mövqeyi hökumətlər arasında ticarət malı kimi əldən-ələ satılmaqdadır. Biz öz başımızın çarəsini bir an əvvəl düşünüb, məmləkətin vəziyyətini dəyişməsək, gələcəkdə təsadüf edəcəyimiz fələkətin qarşısını almaq çətin olacaqdır. Hər şeydən əvvəl Rey məsələsini bitirməliyik. Çünki Azərbaycan məmləkətinə qarşı düzələn sui-qəsdin mərkəzi Rey məmləkətidir. Buna görə də Toğrulu paytaxta gətirəndən sonra, onu, Qətibəni Həmədana gətirməyə məcbur etməliyik. Qətibə Həmədana gələndən sonra, Rey məsələsini həll etmək üçün Toğrulun Qtibəyə evlənmək fikrinə və Qətibənin oğluna Əmirül-Üməra verilməsinə əngəl törətməməliyik, çünki hazırkı vəziyyət bunu tələb edir”. Nizami Fəxrəddinin məktubunu alandan bir gün sonra təcili qasidlə göndərdiyi cavabında deyirdi: “Məktubunuzu oxudum, Şəmsəddinin fikri ilə razılaşmıram. Paytaxtı Təbrizə köçürmək lazım deyil, çünki düşmənlərin də istədiyi budur. Yarım əsrdən bəri davam edən mübarizənin mündəricəsi də budur. Toğrulu taxta çıxarmaqla sarsılmış olan siyasi vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Çünki hazırkı hərc-mərcliyi doğuran başlıca səbəb Toğrulun iş başında olmasıdır. Məncə Toğrulun Qətibə ilə birləşməsinə arxalanmaqdansa, silahlı qüvvəyə arxalansanız, daha yaxşı olardı. Siz Toğrulu məcbur etməsəniz belə Toğrul özü Qətibəni paytaxta çağıracaqdır. Çünki Toğrul olan yerdə və Zəhir Bəlxi olan bir şəhərdə Qətibə kimi bir macəraçının olmaması mümkün deyil. Nə sənin, nə də Şəmsəddinin fikirlərinə razı deyiləm. Məmləkəti Toğrul kimi bir axmağa, Qətibə kimi bir cinayətkara etibar etmək yaramaz. Xalqın birliyini yaradın. Məmləkəti silahla və tədbirlə müdafiə edin. Azərbaycan qoşununun Həmədandan çıxması da yersizdir. Hərgah qalmaq mümkün deyilsə, o zaman hadisələrin genişlənməsinə əmin ola bilərsiniz”. * * * Toğrul paytaxta qayıdandan bir neçə həftə sonra Zəhir Bəlxi də Bağdaddan Həmədana qayıtdı. Onu Toğrulun ən yaxşı adamları Bisütunda istiqbal edib paytaxta gətirdilər. Zəhir Bəlxi yenə də birinci görüşündə ortalığa Qətibə ilə Toğrulu barışdırmaq məsələsini qoydu və dedi: – Madam ki, azərbaycanlılar Əbubəkrin hökmdarlıq məsələsi üzərində dayanmaq istəyirlər, o zaman sən də öz oğlun Məlikşahın vəliəhdliyi məsələsində güzəştə getməlisən! Qətibəyə evlən! Oğlu Qütlüğ İnancı vəliəhd elan et. Bunların əksinə hərəkət etmiş olsan, məmləkəti tamamilə itirmiş olacaqsan. Dəclə sahillərində Azərbaycan və İraq hökumətinə qarşı böyük bir təhlükə hazırlanır. Toğrul, Zəhirin təkliflərinə etiraz etməsə belə, oğlu Məlikşahın vəliəhdlikdən götürülməsinə qəlbən razı ola bilməzdi. Lakin vəziyyət onu bu işə məcbur edirdi. Çünki Rey məmləkətinin coğrafi mövqeyi və onun Azərbaycandan Həmədana gediləcək yolu daima qorxu altında saxlaması, Toğrulu həddindən artıq düşündürürdü. Odur ki, Toğrul Zəhir Bəlxinin məsləhətinə əsaslanaraq, Qətibəyə göndərdiyi dostluq və sevgi məktubunda yazırdı: “Səmimi və əzəmətli mələkə! Günlərimiz hadisə doğur. İnsanlar sakit, dinc həyatı ancaq röyada görməyə başlayırlar. Sanki insanlar bir-birini boğmaq və bir-birini qırmaq, talamaq və qarət etmək üçün doğurmuşlar. Rəiyyətimiz Allahı tanımadıqları kimi, padşahı da tanımaq istəmədilər. Məncə bu qədər müharibələr, qan tökmələr və mühacirətlərin hamısı asimani bir qəzəbin nəticələridir. Lakin xudavənd-aləm, bizi məğlubiyyətdən sonra qalib çıxardı. Azərbaycanlılar paytaxtı buraxıb getdilər. Onlar əkinçidirlər. Çöl işləri ilə məşğuldurlar. Vəliəhdin hökmdarlıq məsələsini də kölgədə buraxıb getdilər. Novruz bayramının ilahi günləri yaxınlaşır. Ekbatanın möcüzəkar fəzası ağ çiçəklərdən toxuduğu bədii örpəyini Azərbaycan mələkəsinin xoşbəxt çiyninə salmaq üçün müntəzirdir. Hadisələrin ağırlığı altında əzilən ürəyimin şadlığını ancaq böyük mələkənin novruz cəşni süfrəsində iştirak etməsində arayacağam. Mələkənin qanunu tələblərini həyata keçirmək üçün hazırkı şərait olduqca əlverişlidir. Gözəl Qətibənin mələkəlik bayramını novruz bayramı ilə birlikdə elan etmək istəyirəm. Mələkənin hüzuruna göndərilən heyətə geniş vəkalət verilmişdir. Şahzadə Qütlüğ İnancın vəliəhdlik fərmanını mələkə ilə birlikdə imza etməliyik. Toğrul”. Qətibə Toğrulun məktubunu açıb oxumadan belə onun məzmununu bilirdi, çünki Zəhir Bəlxi xüsusi qasidlər vasitəsi ilə məsələni Qətibəyə Toğruldan daha əvvəl xəbər vermişdi. Məmləkətin gələcək hüdudları belə Qətibə ilə Zəhir Bəlxi arasında təyin edilib qurtarmışdır. Sultan Əlaəddin Təkiş ilə Qətibə arasında bağlanan sazişlərə görə Rey məmləkəti tamamilə Sultan Təkişin ixtiyarına keçəcək, əvəzində isə Sultan Təkiş Qütlüğ İnancın Toğrul hökumətinin varisi olmaq qərarını təsdiq edəcəkdi. Hələ Qətibə Həmədana keçmədən əvvəl, Qətibə ilə Zəhir Bəlxi arasında başlanmış müzakirənin məzmunu məmləkətin hər tərəfinə yayılmışdı. Bu xəbərlər vəliəhdi hamıdan artıq rahatsız edirdi. Qətibənin mələkə elan olunması ilə Qütlüğ İnancın vəliəhd təsdiq edilməsi Əbubəkri çıxılmaz bir vəziyyətdə qoymuşdu. Buna görədir ki, hələ bahar daxil olmadan vəliəhd qadını gənc Təlieni də götürüb anası Gözəl ilə bərabər Azərbaycana köçmüşdü. Bahar bayramına on beş gün qalmış, Toğrul bütün ölkələrə dəvətnamələr yazıb Təbrizə nümayəndələr göndərmələrinə əmr vermişdi. Toğrul məmləkətin nümayəndələri ilə birlikdə, Qətibəni mələkə elan edəcək, eyni zamanda Qütlüğün vəliəhdlik fərmanını elan edəcəkdi. Qətibə ilə Toğrul öz dostları ilə bərabər Təbrizdə idi. Böyük bayramın hazırlığına başlanmışdı. Vəliəhd sarayı bəzənir, ölkələrdən gələn nümayəndələr vaxt ikən hazırlanmış binalarda yerləşdirilirdi. Şimali Azərbaycandan nümayəndələr gəlməmişdi. Bu hadisə Toğruldan artıq Qətibəni rahatsız edirdi. Buna görə də Qətibə Şimali Azərbaycana təcili qasid göndərilməsi və nümayəndələrin hər nə cür olursa olsun gətirilməsini tələb edirdi. Fəxrəddin Şimali Azərbaycandan nümayəndələr göndərilməsinə tərəfdar deyildi. Lakin Gəncədə çağırılmış iclas bu fikri təsdiq etmədi. Çünki Təbrizlə əlaqəsizlik Cənubi Azərbaycanla Şimali Azərbaycanın həmişəlik olaraq bir-birindən ayrılmasına səbəb ola bilərdi. Lakin Rey və Həmədandan Təbrizə bəzi qoşun dəstələrinin gətirilməsi, Şimali azərbaycanlıların çox ehtiyatla hərəkət etməsini tələb edirdi. Buna görə də iclas Təbrizə gedən nümayəndələrin kiçik atlı dəstələri tərəfindən müşayiət edilməsini qərara almışdı. Toğrul Gəncəyə göndərdiyi məktubunda Nizami ilə Fəxrəddinin Təbrizə nümayəndə sifətilə getməsini xüsusi olaraq qeyd etmişdi. Aralıqda mövcud olan şübhələri dağıtmaq üçün nə Nizami, nə də Fəxrəddin Toğrulun dəvətindən boyun qaçıra bilmədilər. Onlar bir dəstə qoşunla bərabər Təbrizə yola düşdülər. Nizami ilə Fəxrəddinin nümayəndə sifətilə Təbrizə gəlmək xəbəri Cənubi Azərbaycanda böyük və tarixi bir hadisə kimi qarşılandı. Bazar bağlandı, şəhər xalqı böyükdən kiçiyə qədər Azərbaycan qəhrəmanını və böyük şairi qarşılamaq üçün Acıçay kənarına çıxdı. Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa belə, o öz etidalını pozmayaraq, yenə də Azərbaycan nümayəndələrinin rahatı üçün hər bir vasitənin hazır edilməsinə diqqət verdi. Təbriz xalqı ziyalısından, əyanından başlayaraq yoxsullarına qədər şairin taxt-rəvanının ətrafında piyada gedirdi. Taxt-rəvanın qabağınca və taxt-rəvanın dalınca, Şimali Azərbaycan qoşunu və Fəxrəddin Nizamini müşayiət edirdi. Şairin əmrinə görə onun taxt-rəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. Xalq və qoşun dəstələri də bu əmrə itaət edib şairlər məqbərəsinə doğru axırdı. Böyük şair taxt-rəvandan düşüb birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. Azərbaycan qoşun dəstələri qəbiristanın ətrafında düzüldüyü zaman bayraqlar başını endirib şairin qəbrini salamladı, bununla da Təbriz xalqı Surxab məhəlləsinin qəbiristanında unudulub qalan adi bir qəbirdə nə qədər böyük bir zatın yatdığını bildi. Nizami məzar daşını döyərək Xaqanini səslədi, gözündən bir damcı yaş düşərək qəbir daşının dalında yandırılan səndəl üstünə düşdü. Şairin göz yaşı alovun üstünə düşdüyü zaman, qızğın və həsrətli ürəkdən qopan bir ah kimi səsləndi, sanki bununla da qürbətdə yatan şair öz səmimi dostunu salamladı və ağladı. Bundan sonra Nizami gözlərində yaş, qəbrin yanında durub Xaqaninin ölümünə həsr etdiyi uzun bir qəsidəsini oxudu. Həmi qöftəm ki Xaqani driğa kuyi mən başəd, Driğa mən şüdəm axir driğa kuyi Xaqani. Nizami Xaqaninin məqbərəsindən çıxıb buradakı alimlər, filosoflar və şairlərin qəbirlərini də ziyarət etdi və sonra da xalq dəstələrinin müşayiəti ilə nümayəndələr üçün hazırlanmış binaya tərəf yola düşdü. Axşam idi. Qətibə vəziyyət barəsində məlumat almaq üçün Hüsaməddini yanına çağırmışdı. Hüsaməddin yarım saatdan bəri dəhlizdə durub icazə gözləyirdi. Çünki Qətibəyə novruz bayramı mərasimini keçirmək üçün paltar tikən dərzi qadınlar hələlik işlərini qurtarmamışdılar. Qadınlar çıxıb gedəndən sonra Hüsaməddin də icazə alıb Qətibənin otağına girdi. O içəri girdiyi zaman Qətibə də təzə paltarları geyib güzgünün qarşısında durmuşdu. Qətibə mələkəlik tacını başına taxmışdı, tacın üstündə duran ciqqanın quş yumurtası yekəliyində olan almasları, qırx şamlı avizələrin şəfəqləri ilə yarışa başlarkən, Hüsaməddinin fikirləri bir daha bu fitnəkar qadının gəncliyinə qayıtdı. Qətibə isə ona tərəf irəliləyib: – İrəli gəl, mənim dostum! – dedi. – İkimiz də yorulduq. İqbal bizim ikimizi də cəzalandırdı. Lakin bizim mətanətimiz bütün çətinlikləri aradan qaldıra bildi. Hazırda biz qalibiyyət ərəfəsindəyik. Şən həyatın ilk gününü bayram etməyə hazırlaşmışıq. Mən öz əhdimə baqiyəm. Ən yaxın günlərdə əhdimə vəfa edəcəyəm. Sən də gəl, öz əhdində sabit qalacağın üçün bu dodaqlara and iç... Bu sözlərdən sonra Qətibə qollarını açıb Hüsaməddini qucaqladı, dodaqlarını onun sərəncamına verdi. Hüsaməddin adəti üzrə yenə də Qətibənin son sözünü eşitmək istəyirdi. Qətibə isə dodaqlarını Hüsaməddinin dodaqlarından dartıb aldığı zaman dedi: “Mənim sevgili sərkərdəm, dalısı sabah axşam!”. Qətibənin bu sözü Hüsaməddinin ruhunu qıdıqladı. Çünki onun qulağı daima Qətibədən: “Mənim ruhum, dalısı sonra” sözlərini eşitmişdi. Qətibə daima vüsal sözlərini müəyyən olmayan zamanlara buraxmağı sevərdi, indi isə: “Mənim sevgili sərkərdəm, dalısı sabah axşam!” – deməsi Hüsaməddinin qəlbinə təsəlli oldu. Eyni zamanda, Hüsaməddin bu yaxın vədənin kölgəsində bir xəyanətin gizləndiyini yəqin edirdi. Hüsaməddin, bu sözlə Qətibənin bütün xəyanətlərə yekun vurmaq istədiyini anlayırdı. Nəhayət, Qətibə onun əllərini əlindən buraxıb: – Otur, – dedi, – tərəddüdlər, qorxular və iztirablara yer qalmadı, onları burax, indi oturub xoşbəxtlik barəsində düşün! Çünki o, qollarını açıb bizi öz qucağına dəvət edir. İndi biz son və böyük məqsədin önündə durmuşuq. Bizdən məqsədimizi tamamlamaq üçün kiçik bir fəaliyyət tələb olunur. Biz məqsəd uğrunda çəkdiyimiz ağırlığın son və qəti saatlarını keçirməkdəyik. Sən məni yaxşı anla, son təşəbbüsü həyata keçirmək bir neçə dəqiqənin işidir. Hüsaməddin dərhal Qətibənin nə etmək istədiyini anladı və yavaşdan: – Doğrudan, son təşəbbüsün həyata keçirilməsi bir neçə dəqiqənin işidir, çünki iki bayram bir yerdə olacaqdır. Birisi novruz bayramıdır, ikinci bayram isə sizin Toğrul ilə olan toy bayramınızdır. Mollalar nikah siğəsini oxuyacaq, siz də gecənin müəyyən saatında Toğrulun otağına girəcəksiniz. Bu isə siz deyən kimi, doğrudan da, bir neçə dəqiqənin işidir, – dedi və istehzalı bir surətdə güldü. Qətibə də Hüsaməddinin bu sözlərindən qəhqəhə ilə gülərək cavab verdi: – Mən sənin sözlərini hesaba alaraq rəftar etsəydim, sən çoxdan bəri məhv olmuşdum. Mən sənin səhvlərini bağışladığım kimi, səni başqalarının hücumlarından da xilas etdim. Sən bu gün yenə də yanılırsan. Sabah Toğrul qəbirin qoynuna, sən Hüsaməddin isə mənim qoynuma girəcəksən. Bu sözlərdən Hüsaməddin sevindi, lakin həddindən artıq qorxdu. O, bu sözdən Qətibənin son cinayətinin nə qədər ağır olduğunu hiss etdi. Hüsaməddin özlüyündən uzaqlaşaraq, fikirlərin qorxulu səhnəsində çapalamağa başladı zaman, Qətibə də ona yaxın bir kürsüdə oturub deyirdi: – Qulum Mərcan bu işdən xəbərdardır. – Hansı işdən? – Toğrulun məsələsindən, sənin xoşbəxtliyini təminedici məsələdən, sən gərək bu fikirimi həyata keçirəsən. – Mən yaxşı anlamadım, Toğrulun hansı məsələsini deyirsən? – Sabah novruz günüdür, Toğrul böyük bir ziyafət təşkil edəcəkdir, burada Azərbaycan nümayəndələrindən Nizami və Fəxrəddin də iştirak edəcəkdir. Bu barədə qulum Mərcana əmr vermişəm, o sənin hər əmrini yerinə yetirməyə hazırdır. Al bu zəhəri özündə saxla, Toğrul, Nizami və Fəxrəddinin içdikləri şərbət zəhərlənməlidir. Qətibə bunları deyərək əlindəki zəhər şüşəsini Hüsaməddinə uzatdı. Hüsaməddin isə əli titrəyə-titrəyə zəhər şüşəsini aldı. Lakin onun qəlbini bu cinayətin dəhşəti əjdaha kimi sıxır və çeynəyirdi. Hüsaməddin Qətibəni başdan-ayağa qədər gözdən keçirib, bu qadının nə qədər inadlı və dəli bir qəlbə malik olduğundan heyrətlənirdi. O, öz-özünə deyirdi: “Mən böyük cinayətlərin məsuliyyətini öz öhdəmə götürdüm. Ölümlərin, uçurumların önündə durdum. Bir çox üsyanları qanlarla boğdum, minlərcə yaralının iniltilərini eşidib sarsılmadım. Məni müharibələr, qanlı cəbhələr belə qorxutmadı. Lakin bu qadının həyata keçirdiyi və bundan da sonra icarəyə qoymaq istədiyi cinayətlərin dəhşəti məni titrədir. Nə edim? Nə cavab verim? Üç hökmdarı öldürmək bəs olmadımı?! Fəxrəddin kimi bir qəhrəmanı məhv edimmi? O, mənim düşmənimdir. Lakin onu məhv etmək Azərbaycanı kor qoymaq kimidir. Nizamini zəhərləməkmi? Ah, bu nə qədər acı bir fikirdir! Dünyanın məhəbbət və səmimiyyəti yerləşən bir qəlbi zəhərlə parçalayımmı? Nə üçün? Nəyin xatirəsinə? Mənim gəncliyimi quru-quru vədələrin məzarına dəfn edən bir qadın üçünmü?” Hüsaməddin bunları fikirləşdiyi zaman Qətibə də oturub döşündən asdığı iri inci danələri ilə oynayıb Hüsaməddinin cavabını gözləyirdi. Qətibə Hüsaməddinin qəlbində hökm sürən dəhşət və həyəcanı onun çöhrəsindən oxuyaraq ona sual verdi: – Qətibəyə olan eşq və məhəbbətin söndümü? Səadət uğrunda apardığın mübarizə səni iyrəndirdimi? Bitirdiyin vəzifəni tamamlamaq üçün özündə qüvvət hiss etmirsənmi? Qəhrəman bilməlidir ki, iş başlamaq çox çətin deyil, onu müvəffəqiyyətlə qurtarmaq çətindir. Düşmənlə mübarizə etməmək qorxaqlıq deyil, lakin mübarizəni başlayıb yarımçıq qoymaq qorxaqlıqdır. Hətta qəhrəmanlığa nöqsan gətirəcək xüsusiyyətlərdən birisi də, mübarizə yoldaşını meydanda yalnız buraxıb çəkilməkdir. Bunların hamısından sonra sən bir məsələni də unutmamalısan! Sənin boynunda iki hökmdarın qətli kimi böyük bir məsuliyyət vardır. Hərgah sən bu cinayətlərdə mənə kömək etməsəydin, bəlkə də mən bir qadın olaraq, bu qədər böyük məsuliyyətin altına girməkdən qorxardım. Mən bu cinayətləri həyata keçirdiyim zaman heç də qorxmurdum. Çünki bu cinayətləri həmişəlik bir səadətin müjdəsilə həyata keçirirdim. Mən istəyirdim Azərbaycanda qəhrəmanlıq möhrü Fəxrəddinin adına yox, sənin adına vurulsun. Mən səni bir qəhrəman kimi deyil, bir mələkənin möhtərəm əri kimi dünyaya tanıtdırmaq istəyirdim. Mən istəyirdim ki, minlərcə fəxrəddinlər sənin qarşında diz çökub əmrini gözləsinlər, əcəba sən nəyi düşünürsən?! Hüsaməddin bu sözlərə çox böyük əhəmiyyət verirdi. Çünki Qətibə onu acı təhdid qarşısında qoyur, həm də şirin vədlərlə yüksəklərə qaldırırdı. Buna görə də qəlbini əhatə edən dəhşətlər qismən azalırdı, onun nəzərində Qətibənin verdiyi hər bir vədə gözəl və nəşəli tablolar kimi canlanırdı. Doğrudan da Hüsaməddin bir neçə gündən sonra həyatın tamamilə dəyişəcəyini zənn edirdi. Bu fikirlərin təsirində də Hüsaməddin cavab verdi: – Məni heç bir təhlükə qorxuda bilməz, məni qorxudan bir məsələ varsa, o da səni Toğrul kimi bir alçağın qolları arasında görməkdən ibarətdir. Mən o dodaqları bir keflinin dişləri arasında görə bilməyəcəyəm, o, mənim şərəf və vicdanım üçün bir cəhənnəm əzabıdır. Buna inan, mələkə! Mən Şərqin ən qiymətli bir gülünü qoxulamaq üçün, Şərqin iki böyük hökmdarını həyat səhnəsindən qopartdım. Lakin indi... Qətibə onun sözünü yarıda kəsərək: – İki böyük hökmdarı məhv edən bir adam, üçüncüsünü də məhv edə bilər, – dedikdə Hüsaməddin də: – Bəli, məhv edə bilərəm. – dedi. Qətibə bir daha onun dodaqlarından öpərək: – Toğrulu öz səadətin xatirəsinə məhv edəcək, Nizami ilə Fəxrəddini isə mənim xatirimə öldürəcəksən. * * * Günəş həməl bürcünə yaxınlaşdığı dəqiqədə Sultan Toğrulun qapısında vurulan kərənayxanə novruz bayramı mərasiminin başlandığını xəbər verdi. Səhərin ruzigarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir və həməl bürcündə isə günəşin qırmızı ələmini qaldırırdılar. Şadlığın gəlini saçlarını daramaqda, bülbül isə güllərin minbərində oturub bahar büsatının şənliyinə həsr etdiyi bəstələrini oxuyurdu. Bahar yeli bağa girən kimi, şaxələrin ağ ipəyə bürünmüş gəlinləri ilə öpüşür və onları təbrik edirdi. Çəmənin qızları Süleymani büsatın üzərində rəqs etmək üçün büdqeys gülünün dalınca elçi göndərirdi. Baharın ilk sultanı qızıl taxtının üzərinə cülus etdiyi zaman, bənövşələr təzim rəsmini yerinə yetirmək üçün boyunlarını çiyinlərinə qoyub durmuşdu. Süsən gülü ağzını açaraq bahar sultanına yazdığı şeirlərini oxumağa başladı. Sünbüllər isə səhər ruzigarının tərənnümləri altında saçlarını dalına tökub rəqs etməyə həvəslənirdi. Serv ağacı yaz paltarını geydiyi və əlini əlinin üstündə qoyub bahar sultanının qarşısında qamətini çəkib durduğu zaman, qönçələr də gülüstan məclisinin saqiləri kimi piyalələri doldurmağa, yasəmənlər isə saçlarını üzünə töküb sərxoşluğa başlayırdı. Lalələrin ağzından “İçin! Nuş olsun!” səsləri eşidildiyi zaman, nərgiz gülü də özündə dərin bir xumarlıq hiss edərək başını süsənbərinin çiyninə söykəmişdi. Novruz bayramı mərasiminin başlanması üçün aralıqda su ilə dolu olan qızıl teştə salınan balıq hələ arxası üstünə çönməmişdi. Zəfəran üzərinə oxunacaq və sonra qızıl teştin suyuna qarışdırılacaq qırx yasin oxunub qurtarmamışdı. Baş ruhani zəfəran suyu ilə yazdığı bərəkət duasını yazıb bitirməmişdi. Nəhayət, “balıq arxası üstünə çöndü”, qırx yasin oxunub qurtardı, bərəkət duası zəfəran suyu ilə yazılıb bitdi, təcili surətdə kərənayxanaya xəbər verildi. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi. Salamlıq rəsmi başlandı. Şəhərin əyan və nücəbası, sərkərdələr və yüksək vəzifədə olanlar dəstə-dəstə hökumət dairəsinə gəlib Sultan Toğrulu salamladılar, sonra da padşahın vəkil etdiyi müəyyən adamlar və müəyyən siyahı üzrə seçilmiş adamlar novruz ziyafətini keçirmək üçün salona dəvət olundu. Salona daxil olanlar bir-birinin əlini sıxıb, sonra da öz barmaqlarını alnına və dodaqlarına qoyaraq: “Əyyamüküm Səidə!” – deyərək özlərinə məxsus yerlərdə oturdular. Sultan Toğrulun sağ tərəfində Qütlüğ İnanc, sol tərəfində isə Zəhir Bəlxi oturmuşdu. Toğrulun işarəsilə Həmədan qazısı ayağa qalxıb Sultan Toğrulun Qətibə ilə izdivac edəcəyini elan etdi: “Məmləkət və dövlətin rifah və səadəti ay ilə günəşin birləşməsini tələb edirdi. Odur ki, bu gün əlahəzrət Sultan Toğrul ilə əlahəzrət Qətibə xatunun izdivac bayramını elan edirəm” – deyərək məclisə müraciət etdi. Qətibə tərəfindən vəkil edilən Zəhir Bəlxi və Kəmaləddin mələkənin bu izdivaca razılıq verdiyini bildirəndən sonra, qazı nikah siğəsini oxudu. Bütün salondakı xalq ayağa qalxıb Sultan Toğrula baş endirib təbrik etdilər. Ən əsas məsələ Qütlüğ İnancın vəliəhd elan ediləcəyi məsələ idi. Lakin Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. Nəhayət, Azərbaycan nümayəndələri başda Nizami olaraq gəldi. Onlar özlərinə məxsus kürsülərdə oturandan sonra, Zəhir Bəlxi ayağa durub Toğrulun Qütlüğü vəliəhd elan etməsinə dair fərmanı oxudu: “Zəvalpəzir olmayan əziz və uca Allah adəm sinfinin palçığını səlsal suyunda yoğurdu və onun vücudunun ayinəsini ruhun təcəlliyayi ilə bəzəyib həyat dünyasına bir peyğəmbər kimi atdığı zaman, ona belə bir fərman verdi: sən öz vəliəhdini tanımalısan. Onu özündən sonra gələnlər üçün vəsi təyin etməlisən. Onlara heç bir xəyanət və cinayətlə məşğul olmağı tapşırmalısan. Onlara göydən gələn asimani kitabları və yezdani hökmləri Allahın bəndələrinin arasına yaymaq əmrini verməlisən. Buna görə də Adəm peyğəmbər: Şeys İdrisi, İdris Musanı, Musa Yuşəi, Yuşə İlyası, İlyas Əlyəsə peyğəmbəri özünə vəliəhd təyin elədilər. Həmin bu qayda ilə də peyğəmbərlik vəzifəsi axırıncı peyğəmbərin əlinə yetişdi və o da Adəm peyğəmbər kimi özünə vəliəhd təyin etdi. Bundan sonra da Allahın əmrini insanlar arasında intişar etmək vəzifəsi xəlifələrə və xəlifələrdən sonra hökmdarlara, sultanlara tapşırıldı. Padşahlar vəliəhdliyə layiq olanları öz övladı və qohumları arasından seçməyə başladılar. Hazırda bu vəzifə uca olan və iqtidarlı sultanımız əlahəzrət Toğrulun əlinə çatıbdır. Buna görə də tacdar həzrətləri, Allahın bəndələrini sülh və salamətə dəvət etmək və məmləkətə səadət vermək üçün Eldəniz xanədanının ən şüurlu və fəaliyyətlisi olan bir zatı vəliəhdliyə təyin etmək qərarına gəlmişdir. O zat, sizin hüzurunuzda oturan Qütlüğ İnanc həzrətləridir. Cahan pəhləvan Atabəy Məhəmmədin böyük oğlu sayılan bu zat cahandarlıq və sultanlıq qabiliyyətinə malik olduğunu bir neçə ildən bəri göstərdiyi xidmətlərində aləmə tanıtmışdır”. Zəhir Bəlxinin oxuduğu vəliəhdlik fərmanına qarşı heç bir tərəfdən etiraz eşidilmədi, çünki nümayəndələrdən bir çoxu, hətta Azərbaycan nümayəndələri belə məsələni əvvəldən bilirdilər. Qütlüğ İnanc ayağa qalxıb Sultan Toğrulun taxtının qarşısında yeri öpdü, Toğrul isə onun çiyninə zəngin bir xələt salınmasına əmr verdi. Rəsmi məsələlər bitəndən sonra məclisə şərbət gətirildi. Saqilər içəri girib şərbət piyalələrini paylamağa başladığı zaman Hüsaməddin bir dəqiqə sonra baş verəcək facia haqqında düşünürdü. O, son dəqiqələr bir daha xəyalını gələcəyə çevirib deyirdi: “Tutalım ki, Toğrul öldü, Azərbaycan nümayəndələri də Nizami başda olmaq üzrə zəhərləndi, bununla mən nə qazanmış olacağam? Heç bir zaman o hiyləgər qadın mənim olmayacaqdır. Mənim olsa belə onun dəyəri nədir?! Bir zaman o gənc idi, onu sevirdim, lakin o məni sevmirdi, halbuki onun atası mənə söz vermişdi. O, zəngin və şöhrətli bir ər tapdı, lakin mən ondan intiqam almaq əvəzinə, başqalarından intiqam almaq üçün ona kömək verdim. Otuz ildir ki, mən özüm-özümü aldadıram. Hər gün bu Qətibə dünənki Qətibədir – deyərək nazını çəkirəm. Artıq o, əlli yaşına çatmışdır. Mən ondan səadət gözləməməliyəm. Çünki bu səadət onun özündə də yoxdur. Onun başladığı mübarizə bununla bitməyəcəkdir. Hazırda bir neçəsinin meyitini aralıqda görməkdənsə, bir nəfərin meyitini görmək daha yaxşıdır. Bəlkə də mənim burada oturan Fəxrəddini və böyük şair Nizamini ölümdən qurtarmağım günahlarımı azaldar, bəlkə də azərbaycanlılar mənim günahlarımdan keçərlər. Bəlkə də mən bu qədər cinayətdən sonra Azərbaycanda bir daha vətəndaşlıq hüququ qazana bilərəm”. Hüsaməddin bunları düşündüyü zaman saqilər şərbət piyalələrini paylayırdılar. Əvvəlcə piyaləni Toğrula, sonra vəliəhdə, bundan sonra Zəhir Bəlxiyə və sairələrə verdilər. Nizami ilə Fəxrəddin piyaləni əlində saxlayıb Toğrulun içməsini gözləyirdilər. Hüsaməddin bu vəziyyəti görüncə cinayət onun gözündə bir daha bütün dəhşətilə canlandı. O, dəli kimi yerindən qalxdı və qeyri-adi bir halda qışqıraraq dedi: “Azərbaycanlılar! Vətəndaşlar! Əlinizdəki piyalələri içməyin, o ölüm şərbətidir! Əziz vətəndaşlar! Şərbəti hər yerdə tapmaq mümkündür. Lakin həyat və namusu hər yerdə və hər kəsdə aramaq mümkün deyil. Burada məni tanımayan yoxdur. Lakin təəssüf olsun ki, məni yaxşı tərəfdən tanıyan çox azdır. Çünki mən öz yolumu azmışdım. Mən Fəxrəddinlə bir cərgədə Azərbaycanın azadlığı uğrunda az qılınc vurmamışam. Fəxrəddin bilir ki, mən bütün mübarizələrdə qabaq cərgədə olmuşam. Bir zaman istər Nizamilər, istər Fəxrəddinlər məni bir fədakar kimi tanıyırdılar. Lakin mən Azərbaycanın bədbəxtliyi uğrunda da az çalışmamışam. Mən bir vətən xaini kimi düşmən ordularının qabaq cərgəsində gedib, öz silah yoldaşımın üzünə qılınc çəkmişəm. Lakin mən öz xəyanətlərimə xəyanətlə yox, tövbə və peşmanlıqla nəhayət vermək istərəm. Bugünkü xəyanət bir nəfərin əleyhinə yox, böyük bir xalqın əleyhinə təşkil olunmuşdur. Lakin Fəxrəddin bu çıxışla məni yaltaq hesab etməsin, mən onunla düşmənəm, yeri gəlsə, yenə də qılıncla öz ixtilaflı məsələmizi həll edərik. Lakin bir silah sənətkarı kimi Fəxrəddin kimi bir qəhrəmanın bir piyalə şərbətilə məhv edilməsinə soyuqqanlılıqla baxa bilmərəm. Böyük şairin və əlahəzrət Toğrulun əlində olan piyalə də zəhərlənmişdir. Mən rica edərdim ki, vəliəhdin əlindəki piyaləni hökmdar və hökmdarın əlindəki piyaləni isə vəliəhd həzrətləri nuş etsin”. Ziyafət salonunda həyəcan başlandı. Qütlüğ İnanc əlindəki piyaləni yerə çırpdı və qalxıb qılıncını qılafından çıxartdı, Hüsaməddinə hücum etdi. Hüsaməddin də onu qılıncla qarşıladı. Fəxrəddin dərhal qılıncı çəkib aralığa girdi və: – Sakit olun! Qılınc hər kəsin belində vardır. Qılınc işlətməkdən əvvəl məsələni həll etməliyik, – dedi. Qütlüğ İnanc və Hüsaməddin sakit oldu, çünki onların ikisi də Fəxrəddini lazımınca tanıyırdılar. Toğrul əlində piyalə ayağa qalxdı: – Mən heç kəsə silah işlətmək ixtiyarını verməmişəm. Ziyafəti təhqiq etmək lazımdır. Hüsaməddinin dedikləri doğru olursa, mən onun bütün günahlarını bağışlayacağam, dedikləri doğru çıxmazsa, onu burada edam etdirəcəyəm. Toğrul bunu deyəndən sonra Hüsaməddinə tərəf dönüb əmr verdi: – Sözünü davam etdir! Lakin doğru danış! Hüsaməddin çox cəsarətlə danışdı: – Doğru danışıram, edam olunmaqdan da qorxum yoxdur. Mən hər cür cəzaya layiqəm. Həqiqəti bilmək üçün Qətibə xatunun qara qulu Mərcanı bura çağırın. Mərcanı çağırdılar. O, içəri girən kimi məsələni anladı və qorxusundan titrəməyə başladı. Toğrul ona sual verdi: – Bu şərbətləri kim düzəltmişdir? – Mən düzəltmişəm. – Bu piyaləni içə bilərsənmi? – Hökmdar əmr edərsə ölməyə hazıram. – Zəhəri piyalələrə kim qarışdırmışdır? – Mələkə həzrətləri Hüsaməddin həzrətlərinin itaətində olmağımı tapşırmışdı. – Hansı piyalələr zəhərlidir? – Üstündə bülbül şəkli olan piyalələr hamısı zəhərlidir. Mərcanın bu sözündən sonra məclisdəkilər piyalələri yoxladılar, bülbül şəkli olan piyalələrin tamamilə Toğrulun və Azərbaycan nümayəndələrinin əlində olduğu meydana çıxdı. Toğrul Hüsaməddinə sual verdi: – Bu cinayəti təşkil edən kimdir?! – Mələkədir, onun oğlu Qültüğ İnanc və sizin sol tərəfinizdə oturan Zəhir Bəlxi cənablarıdır. Toğrul qulamları çağırıb əmr verdi: – Mələkəni bura çağırın, qoy onun özü də bu möhtəşəm ziyafətdə iştirak etsin. Zəhir Bəlxi məsələni pərdələmək və Qətibə ilə görüşüb ifşanın qarşısını almaq üçün qalxıb Toğrula baş endirib dedi: – Hökmdar həzrətləri! Bu cinayəti azərbaycanlılar düzəltmişdir. Onlar hökmdarın dostlarını töhmətləndirməklə öz xain məqsədlərinə nail olmaq istəyirlər. Təhqiqat aparmaq lazımdır. Mən bu saatda mələkə həzrətlərinin hüzuruna gedib bu xəyanətdən onu xəbərdar edərəm. Hüsaməddin isə heç şübhə yoxdur ki, azərbaycanlılara satılıbdır. Bu sözdən sonra Qütlüğ İnanc acıqla danışdı: – Mən indi bildim ki, hökmdar məni təhqir etmək və həbsə aldırmaq üçün Azərbaycana çağırıbdır, – dedikdə Toğrul da cavabında: – Etidalını pozma. Mən səni təhqir etmək və həbsə aldırmaq istəsəydim bura dəvət etmədən də səni məhv edə bilərdim, – deyərək sonra da Zəhir Bəlxiyə müraciətlə: – Oturun! Mələkənin yanına getmək lazım deyil, bir azdan sonra mələkənin özü bura gələcəkdir, – dedi. Qətibə xatun bir dəstə kəniz və cariyələrlə ziyafət salonuna daxil oldu. Toğrul ayağa qalxaraq onu salonun ortasında qarşılayıb əlindəki piyaləni ona tərəf uzadaraq dedi: – Al bu piyaləni, mənim möhtəşəm mələkəm! Al da bir saat əvvəl başlanan xoşbəxtliyimizin şərəfinə iç! Qətibə piyaləni aldı və məclisi gözdən keçirərək danışdı: – Hərgah mənimlə bərabər bir çox cinayətlərdə iştirak edən Hüsaməddin qorxaq çıxdı isə, hərgah o, son vəzifəsini bitirməkdə özünü aciz hiss etdisə, bu hələ mənim acizliyimi göstərmir. Qətibə bunları danışandan sonra şəxsən Toğrula tərəf baxıb sözünə davam etdi: – Səni məhv edə bilmədiyim məni o qədər də düşündürmür. Çünki sənin acizliyin, sənin dəyərsizliyin bu gün də olmasa, sabah səni uçurumlara sürükləyəcəkdir. Lakin mənim təəssüfümə səbəb olan məsələ başqa məsələdir. Mən istəyirdim ki, hazırda bu məclisdə iştirak edən Nizamini məhv edib, qəbrinin üstündə oturub həyatım boyu göz yaşı tökküm, lakin bu mənə mümkün olmadı. Təəssüf olsun ki, əksinə olaraq o mənim meyitimi öz qarşısında görməli oldu. Fəxrəddin isə mənim atamın qatili idi. Mən bu intiqamı da ondan ala bilmədim. Lakin bunu da demək istəyirəm ki, oğlum təqsirli deyil. Onu da bu xəyanətlərdə iştirak etdirən mən özüm idim. Qətibə bu sözləri deyərək zəhərli şərbəti içdi və piyaləni Toğrulun tacına çırpıb son sözünü dedi: – Sən bu tacı başında saxlaya bilməyəcəksən! * * * Həmdünyan Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi. Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi. Toğrulun bu hərəkəti Şirvan və Gürcüstan dövlətlərinin də rahatsızlığına səbəb olmuşdu. Onlar da hər bir ehtimala qarşı sərhədlərdə hazırlığa başlamışdılar. Bunları nəzərə alaraq aranlılar Gəncədən bir heyət göndərmək və vəziyyəti Toğrula anlatmaq qərarını çıxartdılar. Bir neçə gün əvvəl Toğrulun Təbrizdən Gəncə hakiminə göndərdiyi məktubunda: “Bir neçə gün Püsəran kəndində qardaşım Məhəmmədin ailəsinə qonaq olacağam” – sözləri yazılmışdı. Buna görə də Gəncədən göndərilən heyət birbaş Püsəran kəndinə yola düşdü. Heyət Fəxrəddinlə Nizami başda olmaq üzrə on iki nəfərdən ibarət idi. Toğrulun dəstələri hələ gəlib çıxmamışdı. Heyət üzvləri Toğrulun bu təxirindən şadlandı, çünki Toğrul gəlincəyə qədər vəliəhd ilə bəzi məsələləri həll etmək lazım idi. Evdə Gözəlin qoca atası Canpoladdan və onun qoca qadınından başqa heç kəsi görmədilər. Nizami və heyətin başqa üzvləri bundan heyrətə düşdülər. Lakin Fəxrəddin Püsəran kəndi xalqının adəti ilə tanış olduğundan izahat verib: – Bu kəndin adəti belədir. Bütün iş bacaranlar səhər yeməyini yeyəndən sonra işə çıxmalıdır. Nizami qadına sual verdi: – Vəliəhd və şahzadə Özbək haradadır? Qoca qadın gülümsəyərək cavab verdi: – Vəliəhd və şahzadə sözü bu kənddə işlənmir, burada hər kəs kəndlidir, hər kəs də bu torpaqda çalışmalıdır. Nəvələrimin hər ikisi Özbək də, Əbubəkr də çalışan və yorulmayan kəndlilərdirlər. – Bəs Təliə xanım haradadır? – Təliə də, onun qayınanası Gözəl də işdədirlər. – Demək ki, evin bütün ağırlığı sizin üzərinizdədir? – Xeyr, bizim üzərimizdə heç bir ağırlıq yoxdur, altmış yaşına çatan kəndlinin istirahətdən başqa bir məşğuliyyəti ola bilməz. Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə bir dərzixanada tikilir. Hər kəs və hamı bir fikirdə, bir işdə, bir qiyafədə, bir paltardadır. Qadının söhbətləri Nizamini heyrətə saldı. O, Azərbaycanda belə bir şən həyata təsadüf etdiyindən qəlbən sevinirdi. O, xalqların həyatına hamıdan artıq tanış olduğuna baxmayaraq, Püsəran kəndində təsadüf etdiyi həyatı heç bir xalqın tarixində oxumamışdı. Canpolad Nizaminin fikrə getdiyini görüb sükutu pozdu: – Bizim həyatımız beladir, böyük şair! – deyə təəssüfedici bir vəziyyətlə sözünə davam etdi. – Lakin bu həyatı davam etdirməyə qoymurlar. Hökumət kəndimizin məişət və iş şəraiti qanunlarını pozur. Çünki hökumət üçün xalqın dincliyi və birliyi əlverişli deyil. Hökumət rəiyyətin nadincini sevir, çünki onlar cəriməni ancaq nadinc adamlardan ala bilərlər. Bizim kəndə isə nadinclik yoxdur. Adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. Çünki mal da, torpaq da, evlər də, evlərdəki şeylər də ortaq malıdır. Hökumət bizim məişətimizi pozmaq üçün bizə ağır vergi qoyur. Vergini veririk, sözümüz yoxdur, çünki biz torpaqdan istədiyimiz qədər məhsul ala bilərik. İçimizdə tənbəllər yoxdur, hər kəs özünə tapşırılan vəzifəni yerinə yetirə bilir. Biz vergini də verə bilərik. Gəlirimiz öz ehtiyacımıza çatır. Lakin hökumət bizim ehtiyacımızla hesablaşmır. Gəlirin çox miqdarını bizdən cürbəcür bəhanələr ilə alır, xalqımızın ehtiyacına sərf olunacaq gəlirə də toxunur. Neçə ildir ki, bir sürü tənbəli yaşatmaq məcburiyyətindəyik. Şəriət məhkəməsinin üzvləri, vergi yığan məmurlar və sairləri bu xalqın zəhməti hesabına yaşayırlar. Halbuki biz haman vergini aparıb hökumətin göstərdiyi yerdə təhvil verə bilərik. Şəriət məhkəməsinin qapısını açan yoxdur. Çünki bizim xalqımızın buna ehtiyacı yoxdur. Məhkəmələrin qapısını açmaq və məhkəmə işçilərinə iş tapmaq üçün xalqımızın əxlaqını pozmaq istəyirlər. Bu tarixi bir cinayətdir. Mən sizin əsərlərinizi nəvələrimdən eşidirəm, onlar oxuyurlar, mən də qulaq asıram. Köhnə tarixlər ilə və tarixi adamlar ilə tanış oluram. Əsərləriniz olduqca qiymətlidir, biz orada keçmişi görə bilirik, lakin orada gələcəyin yolunu göstərmək işinə çox az diqqət verirsiniz. Rica edirəm siz burada bir neçə gün qalın, bizim həyatımızla yaxından tanış olun, sonra da bizim həyatımızı Azərbaycan xalqı arasında təbliğ edin. Bilmirəm, böyük şair bizim rəhbərimiz Əxi Fərrux ilə tanış ola bilmişdirmi? Nizami Əxi Fərruxun adını eşidərkən ayağa qalxıb yenə də oturdu və Canpoladın sualına cavab verdi: – Mən onunla da, o möhtərəm zatın böyük fikirləri ilə də tanışam. – Bəs nə üçün kəndlilərin və kəsbkar sahiblərinin qardaşlaşması uğrunda yazmırsınız?! Siz bilirsiniz ki, tökülən qanları dayandırmaq üçün xalqı qardaşlaşdırmaq və birləşdirməkdən başqa bir çarə yoxdur. Siz bilirsiniz ki, insanları xoşbəxt yaşatmaq üçün onları vahid bir ailə şəklinə salmaq lazımdır. Nizami dərin bir ah çəkdi və bir az fikirləşəndən sonra dedi: – Belə bir sərbəst və xoşbəxt həyatı sevməyən və xalqın qardaşlıq ittifaqı arzusunda olmayan bir adam, şair ola bilməz! Mən bu əqidəni ən birinci sevənlərdənəm. Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. Lakin mənim fikirlərim yenə də o əqidənin ətrafında coşur, mən yenə də yazacağam, bəlkə də bir gün o əsərləri oxuyan tapıldı. Söhbət burada yarımçıq qaldı, çünki nahar vaxtı olduğundan kənd xalqı işdən qayıdırdı. Qızların və oğlanların nəğmələri eşidildiyi zaman evdə oturan qocalar dışarı çıxdılar. Çöldən isə nəğmə səsləri eşidilirdi: Çayır quşlarını səsi gələndə, Sövdalı bülbüllər girəndə kəndə, Buludlar gülzara ətir səpəndə, Çıxar gül seyrinə səfalı qızlar. Mehli gecələrdə, sərin səhərdə, Güllər yanağından atanda pərdə, Bülbüllərin qəlbi gələndə dərdə, Gül seyrinə çıxar səfalı qızlar. Bağlar bürünəndə al-yaşıl örpək, Meşələr geyəndə çiçəkdən köynək, Çayda çimən zaman yaşılbaş ördək, Gül seyrinə çıxar səfalı qızlar. Bir neçə dəqiqə keçəndən sonra vəliəhd, qardaşı Özbək və anaları Gözəl ilə bərabər içəri girdilər. Gözəl şairə təzim etdikdən sonra qardaşı Fəxrəddini öpdü. Vəliəhd ilə Özbək isə Nizaminin əlini öpüb ayaq üstündə durdular. Qoca Canpolad oturmalarına icazə verəndən sonra hamıdan aşağıda oturdular. Bir az keçəndən sonra Təliə otağa girib salam verdi və əlində gətirdiyi yemək süfrəsini yerə sərdi. Yenə də Canpolad sözünü davam etdirib dedi: – Möhtərəm şair, bu saat min evdən ibarət olan Püsəran kəndinin hansı bir evinə girərsə, həmin bu rəngdə bir süfrənin aralığa salındığını görə bilər. Beş mindən ibarət olan bu ailə eyni bir saat və eyni bir anda əlini süfrəyə uzadır, – dedi. Təliə süfrəni yerə açıb qayıtdı, bir azdan sonra onunla bərabər ağ ipəklərə bürünmüş bir dəstə qız içəri girib əlvan xörəkləri, ətirli və sərin şərbətləri süfrəyə düzdülər. Xörəklər yerə qoyulandan sonra Canpolad sözünü davam etdirdi: – Hər şey birdir, ayrılıq yoxdur. Bir fərq varsa, o da xörəklərin növündədir, – dedikdə Nizami soruşdu: – Əcəba, hər kəs üçün verilən xörəyin növü başqalarına verilən xörəklərdən fərqlidirmi? – Hər ailə nə kimi xörək yemək istəyirsə, axşamdan öz küçəsindəki ümumi mətbəxə xəbər verir. Ona görə də yemək hazırlayırlar. Xəyanət əli toxunmayan nemətimiz aşıb-daşır, özümüzə də, gələn qonaqlarımıza da kifayət edir. Bu kənd salınanından bu günə qədər oğurluq hadisəsi görünməyibdir. Çünki xalqın artıq şeyə ehtiyacı yoxdur. Lakin bu həyatın düşmənləri həddindən artıqdır. Bu həyatın genişlənməsinə imkan vermək istəmirlər. Çünki bu həyatın içərisində tərbiyə tapmış xalqı istismar etmək çox çətindir. Nahar yeməyindən sonra əsas söhbətə başladılar. Nizami heyətin nə məqsədlə gəldiyi barəsində danışıb dedi: – Toğrulun Gəncə səyahətinin kölgəsində başqa bir xəyanət gizlənmişdir. Onun burada düşüb qonaq olmaq fikri bir xəyanətin məhsuludur. Buna görə də Toğrul öz ordusu ilə bura gəlməmişdən əvvəl, vəliəhd öz qardaşı və öz qadını Təliə ilə bərabər Gəncəyə köçməlidir. Toğrul belə bir xain fikri daşısa belə, onu Gəncədə həyata keçirə bilməz. Çünki Gəncə xalqının hamısı vəliəhdin tərəfdarıdır. Nizaminin bu fikrini Fəxrəddin də təsdiq etdi. Vəliəhdin anası Gözəl də bu məsləhətlə razılaşdı. Hətta qoca Canpolad da bu barədə təşəkkür etdi. Canpoladın əmrinə görə dərhal kəndin üç nəfər ağsaqqalı çağırıldı, vəliəhdin qardaşı və ailəsilə bərabər Gəncəyə getməsi üçün onların icazəsi alındı. * * * Vəliəhd və Təliə köçüb Gəncəyə gedəndən bir gün sonra Toğrulun Püsəran kəndinə yaxınlaşdığı xəbər verildi. Bu xəbər kəndə nahar yeməyindən sonra gəlib çıxdı. Kəndin xalqı işdən qayıtdığı üçün hamı kənddə idi. Fəxrəddin və Nizami Toğrulu istiqbal üçün yox, onu istiqbal edən xalqa tamaşa etmək üçün evdən çıxıb, Püsəran kəndinin altında kiçik düzə endilər. Qabaq cərgədə üç nəfər ağsaqqal durmuşdu. Bunların yanında hamısı bir libas və bir qiyafə daşımaqda olan yaşlı kişilər səf çəkib dayanmışdı. Yolun o biri tərəfində yaşlı qadınlar və bunların dalınca gəlinlər, qızlar gənclərlə birlikdə dayanmışdılar. Gənc qız, gənc oğlanlar ağ, yaşlılar isə mavi rəng libaslar geyinmişdi. Nizami bu vəziyyəti gördüyü zaman Fəxrəddinə tərəf dönüb yavaşdan dedi: – Dünyanı bu kəndin daşıdığı qanunla yaşatmaq mümkün olsaydı, sənin qılıncına ehtiyac qalmazdı. Biz ata-babaların “Qurd qoyunla bir yuvada yaşayacaq” dediklərinə əbəs yerə gülürdük. İndi bu xalqa baxdığım zaman haman fikirlərin düzgün olduğunu yəqin edirəm. Qanun və tərbiyənin nəticəsində qurdun qoyunla bərabər yaşaması mümkündür. Yaxşı bax, burada gördüyümüz beş min nəfərdən ibarət olan bir kənd, bir libas, bir qanun, bir həyat və bir fikir daşıdığı halda, bunu bütün xalqın, bütün məmləkətin həyatında tətbiq etmək olmazdımı? Mən yenə də böyük ustadımız Firdovsini tənqid edəcəyəm. Bax bu xalqa, bax bu qardaşlaşmış kütləyə! Bütün bunlar bir tərbiyənin məhsulu deyilmi? Qurd doğulduğu zaman qurdluq xasiyyəti ilə yox, yalnız qurdluq şəkli ilə doğulur. Mən əminəm ki, tərbiyə nəticəsində qurdlara qoyunların döşündən süd əmizdirmək mümkündür. Tovus quşunun tərbiyəsi və onun vücudunun istiliyi ilə yumurtadan çıxan qarğanın cücəsi şəkilcə qarğa olsa belə, ədəb və tərbiyə cəhətcə tovus quşunun yolunu təqib edər. Firdovsi deyir ki, bir fahişənin qızını nəcib ailədə tərbiyə etsən də, o, yenə böyüdüyü zaman anasının getdiyi yolu gedəcəkdir. Bu fikrin düzgün olmadığını imtahandan çıxarmaq üçün onu əksinə tətbiq etmək lazımdır. Məsələn, ən nəcib ailədən doğulan bir qızı ayırıb bir fahişənin tərbiyəsinə versən heç şübhə yoxdur ki, o böyüdüyü zaman doğulduğu nəcib ailənin getdiyi yolu deyil, tərbiyə aldığı qadının yolunu davam etdirəcəkdir. Bəşəriyyəti idarə edən ancaq tərbiyədir. Bəlamız burasındadır ki, hökumət qanunları tərtib olunduğu zaman, xalqın tərbiyə və səadəti nəzərə alınmamışdır. Bu qanunlar yalnız bir miqdar idarəedici xalqın səadətini düşünərək tərtib olunmuşdur. Sən bu xalqa diqqət ver, bunların hazırkı həyatını başqa bir kəndin xalqı üçün də qurmaq mümkündür. Lakin qoymazlar. Bu həyat və bu quruluş idarəedici adamlar üçün əlverişli deyildir. Söhbət burada bitdi. Toğrulun taxt-rəvanının qarşısında gətirilən tuğ göründüyü zaman, Nizami və Fəxrəddin kəndə qayıtdılar. Toğrul Canpoladın evində mənzil etdi. Atabəy Məhəmmədin qadını Gözəl onu çox böyük bir hörmətlə qəbul elədi. Toğrul vəliəhdin və qardaşı Özbəkin Gəncəyə köçdüyünü eşidərkən rəngi ağardı və narazı bir səslə: – Demək, onlar öz əmilərinin istiqbalına çıxmaq istəməmişlər, – dedikdə, Gözəl də cavabında: – Əlahəzrətin istiqbal təntənəsini Gəncədə düzəltmək üçün gediblər, – dedi. Toğrul rahat olandan sonra Gəncədən heyət gəldiyini ona xəbər verdilər. O, axşam yeməyindən sonra heyəti qəbul etmək üçün vaxt təyin etdi. Lakin o, Gəncədən gələn heyətin kimlərdən ibarət olduğunu bilmirdi. Şübhəsiz ki, heyətin başında Nizami ilə Fəxrəddinin durduğunu bilsəydi, onları qəbul etmək istəməzdi. Nəhayət, heyət üzvləri otağa girdiyi zaman Toğrul dərhal məsələni anladı və vəliəhdin Gəncəyə köçməsinin səbəblərini təyin etdi. Buna görə də heyəti çox etinasız bir halda qarşıladı, hətta oturmaları üçün də təxirlə icazə verdi. Heyət üzvləri oturdu. Toğrul yanında olanlarla bir qədər söhbət etdikdən sonra, Fəxrəddin və Nizamiyə müraciət edərək: – Möhtərəmlər nə iş üçün təşrif gətiriblər? – dedi. Nizami Toğrulun sualına cavab verib dedi: – Əlahəzrətə Aran xalqının salam və arzularını təqdim etmək üçün gəlmişik. – Onların arzularının nədən ibarət olduğunu bilmirəm, salamları isə səmimi deyil. Çünki istiqbal dəstələri içərisində heyət üzvlərinin heç birisini görə bilmədim. – Əlahəzrət üçün istiqbal təntənəsi Gəncə altında düzələcəkdir. Biz isə başqa bir məsələ üçün göndərilmişik. – Nə kimi məsələ üçün? – Əlahəzrətin özünə məlumdur ki, son zamanlar Şirvan şahlığı ilə Aran xalqı arasında səmimi bir qardaşlıq əlaqəsi yaradılmışdır. Eyni zamanda qonşumuz olan Gürcüstanla da əlaqəmiz dostanədir. Əlahəzrət çox gözəl bilir ki, bu üç məmləkət hər cəhətcə bir-birinə bağlıdır. Lakin əlahəzrətin böyük bir qoşunla Şimali Azərbaycana gəlməsi, qonşularımızın rahatsızlığına səbəb olmuşdur. Onlar buna haqlıdırlar da. Heç bir müharibə təhlükəsi hiss etməyən və yainki qiyam və iğtişaş baş verməyən bir məmləkətə bu qədər qoşun gətirmək, gizlin bir məqsədin nəticəsi ola bilər. Buna görə də Aran xalqı öz qonşuları ilə olan dostanə qardaşlıq əlaqəsini davam etdirmək üçün, gətirdiyiniz qoşunun paytaxta qaytarılmasını rica edir. Çünki əlahəzrətin xidmətlərini yerinə yetirmək üçün Gəncədə və Aranın başqa şəhərlərində kifayət qədər qoşun vardır. Toğrul gülümsəyərək cavab verdi: – Hazırda Toğrul o qədər aciz deyildir ki, Aran xalqı ona təksilah olunmaq təklifini etsin. Mən elə zənn edirəm ki, bu fikir bütün Aran xalqının fikri deyil, ancaq burada oturan üç-dörd nəfərin fikridir. Buna da mənim əlimdə əsasım vardır. Nizami kimi adi bir şairin fikrilə böyük bir dövlət idarə oluna bilməz. Məmləkətin başında duran zat öz məmləkətinin məsləhətini çox gözəl bilir. Mən rica edərdim ki, şair qardaşım Qızıl Arslana verdikləri məsləhətləri mənə verməsin. Qızıl Arslan sizin məsləhətinizin nəticəsində məhv oldu. Sizin Qızıl Arslana və Qızıl Arslanın sizə yazdığı məktubların hamısı mənim əlimdədir. Onun bütün səhvləri burasında idi ki, bir nəfər şairə məmləkət adından danışmaq ixtiyarını vermişdi. Siz haman məktublarla onun qəbrini qazdınız, məmləkət xalqını hökumətdən, hökuməti isə məmləkət xalqından incitdiniz. Haqqımda yazdığınız tənqidlərə mükafat olaraq qardaşım Həmdünyan kəndini sizə bağışlamışdı. Lakin mən onu sizdən alıb Kəmaləddin şairə bağışladım. Çünki siz o mükafata layiq deyilsiniz. Mənim adıma yazdığınız “Xosrov və Şirin” əsərini nə üçün Qızıl Arslana bağışladınız?! Siz zənn edirdiniz ki, Toğrul birdəfəlik məhv olub həyat səhnəsindən silinəcəkdir?! Sən, Nizami, məktublarınla və həmin bu Fəxrəddin öz qılıncı ilə mənim başıma nələr gətirmədiniz! İndi gedib Aranın xalqına və onların qonşularına xəbər verin və deyin ki: Toğrul bu ordunu Aranın qonşuları ilə müharibə üçün yox, iki nəfər üçün gətirmişdir. Toğrul sakit oldu, Nizami danışmaq üçün icazə istədi. Toğrul acıqlı bir surətdə: – Danış, lakin mənə məsləhət vermə! – deyərək icazə verdi. Nizami çox soyuqqanlı bir surətdə sözə başladı: – Burada bir çox məsələlərə işarə olundu, onlara cavab vermək artıqdır. Lakin bunu demək istəyirəm ki, bizim burada meydana atdığımız fikir, burada oturanların fikri yox, bütün Şimali Azərbaycan xalqının fikridir, hərgah bu gün əlahəzrət bu barədə bizə cavab vermək istəmirsə, sabah Şimali Azərbaycan xalqına cavab verməlidir. Əlahəzrət – adi bir şairin fikri ilə bir dövlət idarə oluna bilməz – deyərək mənim Qızıl Arslanla olan yazışmalarıma toxundu. Buna cavab olaraq əlahəzrətin icazəsi ilə demək istəyirəm: Qızıl Arslanın məhvinə səbəb olan səbəbləri onu məhv edənlər bizdən daha aydın bilirlər. Əlahəzrət buyurdu ki, Qızıl Arslan bir nəfər adi şairə bir məmləkət adından danışmaq ixtiyarına verməkdə səhv etmişdi. Lakin bu səhv deyil, bu, xalqı öz müqəddəratı barəsində danışmaq üçün qanuni ixtiyarı tapşırmaqdan ibarətdir. Yalnız adi bir şair deyil, adi bir kəndli belə yaşadığı məmləkətin adından danışa bilər. Əlahəzrət Qızıl Arslanın mənə mükafat verdiyi Həmdünyan kəndinə işarə etdi. Mən o kəndin barəsindəki təəssüratımı, “Xosrov və Şirin” əsərinin axırında təfsilən qeyd etmişəm, burada qısa cümlələrlə də onu təkrar edəcəyəm: “Mən Həmdünyan kəndinə sahiblənməmişəm, ora ayaq belə basmamışam. Mən oranı həsudların göstərişləri ilə tanımamışam... Mənim bir məmləkətə yerləşməyən böyüklüyüm bir dəmirçi kürəsi böyüklüyündə kəndə yerləşə bilməzdi. O kənddə yetişən buğda dənələrinin miqdarınca mənim incidən qiymətli şeirlərim vardır. İkincisi də budur ki, dünyada padşahlardan da yoxsul bir adam yoxdur, onların öz zəhmətləri ilə qazandığı bir dünyaları yoxdur. Onların əlində olan xalqın malıdır. Buna görə də mən o kəndə sahiblənmək istəmədim”. “Xosrov və Şirin” əsərini Qızıl Arslana verdiyim üçün əlahəzrət məni tənqid etməsin. Çünki özünüz buyurursunuz ki, mən adi bir şairəm. Adi bir şairin yazdığı əsər sizin kimi böyük bir hökmdara layiq ola bilməzdi. Fəxrəddinin qılıncı ilə Nizaminin məktubları haqqında deyirsiniz: Sən Nizami, məktublarınla, həmin Fəxrəddin isə öz qılıncı ilə mənim başıma nələr gətirmədiniz?! Doğrudur, bu iki şey əlahəzrətin bütün təşəbbüslərini dağıtdı, çünki bu iki şey məmləkətdə əcnəbi nüfuzunun genişlənməsinə və sərhədlərin düşmən ayağı altında qalmasına mane törədirdi. Çünki Nizami ilə Fəxrəddin məmləkətin bir nəfər macəraçı qadın, bir nəfər də əcnəbi nümayəndəsi olan Zəhir Bəlxi və eyni zamanda bunların əmrlərinə boyun əyən hökmdarın əlində oyun-oyuncaq olmasına razı ola bilmirdi. Sonra əlahəzrət Aran xalqına sifariş verib deyir: “Gedib Aran xalqına və onların qonşularına xəbər verib deyin ki, Toğrul bu ordunu Aran xalqının qoşunları ilə müharibə üçün deyil, iki nəfər üçün gətirmişdir”. Bu ordunun iki nəfər üçün gətirilməsinə inanırıq. Lakin o iki nəfər Nizamidən və Fəxrəddindən ibarət deyil. Əlahəzrət öz oğlu Məlikşahın varisliyini möhkəm etmək üçün Əbubəkr və Özbəkin vücudunu aralıqdan qaldırmağa çalışır, lakin Şimali Azərbaycan xalqı Əbubəkrin vəliəhdliyini təsdiq etmişdir və onu bütün varlığı ilə müdafiə edəcəkdir. Toğrul cavab vermədi, ancaq bir kəlmə ilə: – Gedə bilərsiniz, – dedi. * * * Toğrulun taxt-rəvanı Xanəgah kəndində durub Gəncədən istiqbala gələnləri gözləyirdi. Ümumi qaydada baxmayaraq, böyük, həşəmətli qonağı istiqbal etmək üçün nə bazar-dükan qapanmışdı, nə də məktəb və mədrəsələrdən tələbə azad olunmuşdu. Bu qərarla da Sultan Toğrulun Gəncə səyahətinə gəlmək xəbəri çox soyuqqanlılıqla qarşılandı. Gəncə hakimi özünü məsuliyyətdən qurtarmaq üçün hökumət idarələrinə məxsus işçilər və bir qədər də saray nökərləri ilə Sultan Toğrulu qarşıladı. Sultan Toğrul Gəncəyə gəldiyinin ikinci günü Gəncə xalqından özünə beyət almaq və oğlu Məlikşahın vəliəhdliyini təsdiq etdirmək üçün xalqı Sultan Səncər camesinə dəvət etdi. Lakin buna müvəffəq ola bilmədi. Məscidin qapısından baxan tapılmadı. Nəhayət, o, Nizami və Fəxrəddini təhqir etdiyindən peşman oldu və bu kimi böyük bir səhvin nəticəsində Aran xalqının nifrətinə səbəb olduğunu bir daha anladı. O öz səhvini islah etmək üçün başqa bir çarə düşündü. O, başqa hökmdarları təqlid edərək böyük şairi ziyarət etmək istədi, çünki Toğrul Qızıl Arslan və şairlərinin Gəncəyə gəldikləri zaman, hər kəsdən əvvəl böyük Nizamini ziyarət etdiklərini bilirdi. Odur ki, bir gün əvvəl öz xüsusi katibini belə bir məktubla Nizaminin evinə göndərmişdi: “Böyük və möhtərəm şair! Mən Gəncəyə gələn gün sizin ziyarətinizə gəlməli idim. Qardaşım Qızıl Arslanın getdiyi yolu davam etdirməli idim. Lakin səhhətimin pozğunluğu və güvəndiyimiz xalqdan gördüyüm etinasızlıq, mənə öz vəzifəmi vaxtında yerinə yetirməməyimə səbəb oldu. Buna görə də böyük şair, kitabxanasına baxmaq üçün icazə verəydi, mən özümü tarixi bir şərəfə nail olmuş hesab edərdim. Səmimi dostunuz Toğrul”. Bu məktubdan bir gün sonra Toğrul şairin ziyarətinə gəldi. Toğrulu qapıda, Fəxrəddin, Əlaəddin, Azərbaycanın ziyalı və şairləri, nüfuzlu adamları istiqbal etdilər. Toğrul bu cəmiyyəti gördüyü zaman sevindi, çünki görmək istədiyi və görməyə müvafiq ola bilmədiyi adamların hamısı burada idi. O, burada öz məqsədinə nail olacağını düşünürdü. Toğrul, Nizami yaşayan otağa girdiyi zaman Əbubəkrin böyük şairin sağ tərəfində, Təliənin isə sol tərəfində oturduğunu gördü. Toğrul gəlib şairin əlindən öpərkən şair də vəliəhdə və Təliəyə müraciətlə: – Əminizin əlindən öpün! – deyə tapşırdı. Vəliəhd və Təliə dərhal ayağa qalxıb Toğrulun əlindən öpdülər. Toğrul vəliəhdi gördüyü zaman sanki öz qarşısında anabir qardaşı Atabəy Məhəmmədi gördü. O, öz cinayətini və Atabəy Məhəmmədin qətlində iştirak etdiyini xatırlayaraq utandı və vəliəhdi qucaqlayıb öpdüyü zaman şiddətlə ağladı, sonra da Təliənin saçlarını sığallayaraq: – Məsud bir saatda yaşayıram. Xoşbəxtliyinizi arzu edirəm! – dedi. Toğrul özündən ötrü hazırlanmış kürsünün üstündə oturdu. Nizaminin Toğrul ilə birinci sözü, Toğrulun oğlu Məlikşahın vəliəhdlik məsələsini həll etdi. O əlindən dəftəri yerə qoyduğu zaman: – Vəliəhd üçün yazdığım “Şərəfnamə”dən İskəndərin Bərdə səfərini oxuyurdum, çünki vətəni yalnız sevmək kifayət deyil, onu başlıca olaraq tanımaq lazımdır, – dedi. Toğrul isə qəlbində Nizaminin: – “Vəliəhd üçün yazdığım “Şərəfnamə” sözünü bir neçə dəfə təkrar edərək öz-özünə: “Bu söz bir xalqın şairinin ağzından çıxır, onun özü də Püsəran kəndində, “mən bütün Azərbaycan xalqının dilindən danışıram” – demişdi. Toğrul sakit oturmuşdu, o artıq oğlunun vəliəhdlik məsələsini deyil, özünün Şimali Azərbaycan xalqı tərəfindən hökmdarlığa təsdiq edilib-edilməməsi barəsində düşünür və şübhələnirdi. Buna görə də öz səhvləri barəsində danışaraq deyirdi: – Gəncə xalqının mənə göstərdiyi etinasızlıq mənim öz səhvlərimin nəticəsidir. Mən heç bir zaman xanədanımızın azərbaycanlılara arxalanmaqla qalib çıxdıqlarını unutmamalı idim. Nizami Toğrulun nə demək istədiyini dərhal anladı və cavabında: – Əlahəzrət çox gözəl bilir ki, səhvi anlamaq kifayət deyil, onu təkrar etməmək lazımdır. Çox təəssüf olsun ki, əlahəzrət hələ indiyə qədər də Azərbaycan xalqının böyük varlığına inana bilməmişdir. Sizin əcnəbi hökumətlərin nümayəndələri ilə yaxın dostluğunuz və onların törətdikləri macəra nəticəsində, məmləkəti təhlükəyə saldığınız Azərbaycan xalqının narazılığına səbəb oldu. Siz bu dostluğu yenə də qazana bilərsiniz. Çünki Azərbaycan xalqı sizi yenə də bir hökmdar kimi tanıyır. Siz Azərbaycan xalqının dostu olduğunuzu göstərdikdən sonra, bu xalqın köməyinə əmin ola bilərsiniz. Hələlik bu xalqın qılıncları pas tutmamışdır. Xalqda olan vətənpərvərlik hissləri yenə də coşur. Lakin siz əcnəbilərin təzyiqi nəticəsində məmləkətin, xüsusən Gəncə xalqının böyük və barışmaz düşməni olan Qütlüğ İnancı həbsdən buraxıb ona Rey hakimliyini verməklə azərbaycanlıların kömeyindən məhrum oldunuz. Yaxın zamanda Qütlüğ sizin əleyhinizə qalxacaqdır. O zaman siz azərbaycanlıları öz cərgənizdə görməyəcəksiniz. Söhbət çox uzun çəkdi, lakin Toğrulun saxta göz yaşları və öz səhvlərinin iqrarı bir fayda vermədi. O, öz şərafinə düzələn ziyafətdə, nə yeyib, nə eşitdiyini bilmirdi, qorxu və ümidsizlik onu əhatəsinə almışdı. Axşamın qaranlığı düşəndə Toğrul qaranlıq bir istiqbalın düşüncələri təsirində olaraq Nizami ilə vidalaşıb getdi. * * * Naxçıvan Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı. Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı. Xalq bu təbliğatın təsirinə düşməyə bilməzdi. Doğrudan da səlcuqilərin son hökmdarı olan Toğrul öz zəifliyi üzündən tac-taxtı səlcuqilərin köləsi olan Eldənizə uduzmuşdu. Çünki Toğrulun atası Arslan şah öldüyü zaman məmləkətin hüdudları cənub və cənub-şərq qoşunları tərəfindən zorlanır və məmləkətin təqsim edilməsi məsələsi Bağdad xəlifəsi Müstərşidbillahın iştirakilə müzakirə edilirdi. O zaman Toğrul uşaq idi. Onun anası Türkan xatun tac-taxtının zavala uğradığını hiss edərək, sərkərdələrindən Eldənizi yanına çağırıb dedi: “Sən bilirsən ki, mən kişi üçün yox, məmləkət üçün düşünürəm. Mənim ərimin ölümündən bir ildən də az keçir, yalnız Türkan xatun deyil, ən adi bir qadın belə bu az bir zamanda öz ərinin ruhuna qarşı ədalətsizlik göstərib ərə getmək istəməzdi. Buna görə də mən də sənin təklifinə qarşı öz fikrimi demək istəyirəm. Mən sənin qadının olmağa razılıq verirəm. Sən də tac-taxtını mənim oğlum Toğrul üçün müdafiə etməyə söz verməli, bu barədə yazılı olmaq şərtilə mənə təminat verməlisən”. Toğrul Gəncədən Təbrizə qayıtdıqdan sonra anası Türkan xatunla Atabəy Eldəniz arasında bağlanmış müqavilənin surətini çıxarıb şəhərlərdəki hakimlərə, ruhanilərə, vaiz və xətiblərə göndərdi. Həmin müqavilənin bir nüsxəsi Gəncə hakimi və Gəncə xatibinə göndərilmişdi. Toğrul bununla yalnız Cənubi azərbaycanlıları deyil, eyni zamanda Şimali azərbaycanlıları Atabəy Məhəmmədin oğlu Əbubəkrin ətrafından dağıtmağa çalışırdı. Gəncə küçələrində qışqıran carçılar. “Hakim əmr edir ki, şəhər əhalisi Sultan Səncər camesinə yığışsınlar, hey!” – deyə qışqırırdılar. Küçələrdə car çəkildiyinə baxmayaraq, Gəncə hakimi eyni zamanda şəhərin nüfuzlu və məşhur adamlarına məktub göndərib məscidə dəvət etmişdi. Cümə günü idi, məscid azğına kimi dolu idi. Xətib cümə namazını camaatla bərabər qılandan sonra minbərə çıxdı. O, xəlifə Nəsirəddinbillahın və Sultan Toğrulun adına xütbə oxuyandan sonra camaata müraciət edib danışdı: – Xudavəndi-aləm hər əsrdə və hər qərinədə öz bəndələrini adil bir hökmdarın əlinə əmanət tapşırır. Hökmdar Allahın bəndələri ilə mərhəmət və ədalətlə rəftar etmədiyi zaman, xudavəndi-aləm də hökmdarlığı ondan alıb bir başqasına verir. Qərinələrdən bəri məmləkətimiz adil hökmdarların əlində deyildi. Eldəniz xanədanı öz verdiyi əhdi sındırıb, heç də səlahiyyətdar olmadıqları halda, tac-taxtı əlahəzrət Sultan Toğrulun əlindən almışdılar. Halbuki əlahəzrətin anası Türkan xatun Şəmsəddin Eldənizə ərə getdiyi zaman, Eldəniz bu səltənəti Toğrul və onun övladı üçün mühafizə edəcəyinə söz vermişdi. Xətib bunları deyəndən sonra qoynundan Eldənizin Türkan xatuna verdiyi təminatı çıxarıb oxumağa başladı: “Mən, Şəmsəddin Eldəniz, hüdudu şimalda Şirvan, cənubda Fars, İraq, qərbdə Musildən ibarət olan hökmdarlığı əlahəzrət Toğrulun özü və övladı üçün mühafizə etməyə və bir Atabəy olaraq səmimi xidmət göstərməyə əhd-peyman verirəm. Mənim öz övladım əlahəzrət Toğrulun özünə və övladına xidmət etməyə və atabəylik vəzifəsini bitirməyə məcburdur”. Xətib bunları oxuyandan sonra əlavə olaraq dedi: – Təminat Şəmsəddin Eldəniz və Türkan xatunun öz əli ilə imzalanmış və xəlifeyi-ruyi-zəmin Müstərşidbillah tərəfindən təsdiq olunmuşdur. Xudavəndi-aləmə çox şükür olsun ki, Allahın bəndələrinin qəlbində heç bir şəkk və şübhə qalmadı. Bu mühüm vəsiqənin vasitəsilə Eldəniz xanədanının qəsbkar bir xanədan olduğu və tac-taxtı başqalarından oğurladığı müsəlmanlara məlum oldu. Buna görə də islamın xəlişan-şərəfini qaldırmaq üçün Allah tərəfindən kömək edilən və xəlifeyi-ruyi-zəmin və əmirəlmöminin tərəfindən təsdiq edilən bayrağın ətrafına, yəni əlahəzrət Toğrulun və oğlu Məlikşahın ətrafına yığışmaq lazımdır. Xətib sözünü bitirdi. Camaatın içərisindən: “Doğrudur! Doğrudur! Yalan deyil ki?! – kimi sözlər çox az eşidilirdi. Nizami Fəxrəddin və Əlaəddinlə bərabər bir tərəfdə oturub xətibə qulaq asırdı. O, Fəxrəddinə tərəf dönüb yavaşdan: – Xətibə cavab verməmək onun fikri və razılaşmaq kimidir, – deyərək ayağa qalxdı və danışdı: – Toğrul bir az əvvəl Aranda olduğu zaman, hazırda xətibin vasitəsi ilə demək istədiyi sözləri deməkdən qorxdu və yainki utandı. Xətib həzrətlərinin bizə oxuduğu təminat vərəqəsinin quru bir kağız olmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Eldənizin belə bir təminat verməsi hər kəs üçün aydındır. Eldəniz övladı bu təminatı heç bir zaman pozmamışlar. Onlar heç bir zaman özlərini padşah elan etmədilər. Lakin onlar işdə göstərdilər ki, bir hökmdar olaraq Toğruldan daha adil, daha bacarıqlıdırlar. Xətib həzrətləri öz sözlərində Eldəniz xanədanını tac-taxt oğrusu adlandırdı. Əlinə baxanda tac-taxtın özü əsasından oğurluq bir şeydir. Çünki onu heç kəs satmamış və heç kəs də pul verib onu almamışdır. Taxt və tac yaradıldığı gündən bəri onu bir hökmdar o biri hökmdarın başından qapmaqdadır. Xətib həzrətləri onu bilməlidir ki, tacın və taxtın özündə heç bir qiymət yoxdur, qiymət onu daşımaqda olan hökmdarın bacarığındadır. Hazırda Toğrulun daşıdığı tac üçüncü kərədir ki, onun başından fırlanıb yerə düşür, zənn edirəm ki, yenə də düşəcəkdir. Çünki tacın ağırlığını çəkə bilən və tacın tələblərinə cavab verə bilən baş Toğrulda yoxdur və ola da bilməz, çünki biz Toğrulu lazımınca tanıyırıq. Hökmdarlar ancaq xalqın iradəsini ifadə etdiyi zaman xalq tərəfindən təsdiq edilirlər. Toğrul isə bir neçə kərə taxta çıxıb yenə də düşmüş, lakin bu müddətdə xalqın işinə yaraya biləcək bir hökmdar olduğunu göstərə bilməmişdir. Xalqımız hökmdarı tac-taxtı ilə yox, işi və ədaləti ilə tanımalıdır. Nizaminin sözlərindən sonra xalq içərisindən: “Doğru deyir! Doğru deyir!” – səsləri eşidildi. * * * Gözəl, vəliəhdin kədərlərini dağıtmaq üçün təsəlli verib deyirdi: – Atandan və əmindən artıq ola bilməcəyəksən. Onların ikisi də qəhrəman və bacarıqlı hökmdarlardı. Lakin yaxalarını vaxtsız ölümün pəncəsindən qurtara bilmədilər. Onların həyatı müharibələr, qiyamlar, üsyanlar içərisində sürtülüb məhv oldu. Onlar dünyada adi bir kəndli qədər də rahatlıq görmədilər. Sən görürsən ki, özü heç bir şeydən ibarət olan taxt-tac, çox baha qiymətə mal olur. Atan və əmin bunlar üçün öz canlarını verdilər. Vəliəhd kədərli başını qaldırıb ah çəkdi və anasının üzündən öpərək: – Bunların hamısı doğrudur, – dedi. – Məni kədərləndirən əsas məsələ atamın və əmimin bu məmləkət uğrunda canlarını verdikləri və nəticədə tac-taxt oğrusu adlandırılmalarıdır. – Sən Toğruldan maaş alan beş-üç nəfərin dediklərini deyil, böyük bir xalqın və böyük bir şairin dediklərini nəzərə almalısan. Bu halda Təliə içəri girdi. Gözəl onu kədərləndirməmək üçün söhbəti dəyişdi, lakin onsuz da Təliə kədərli idi. O, xətibin Səncər camesində dediyi sözləri eşitmişdi. Gözəl, Təliənin dodaqlarından öpərək dedi: – Gəncə artıq istidir, sizi kəndə köçürmək üçün gəldim, bir-iki ay Çobanqayada yaşayarsınız. Sən bizim elin yaylağını görməmisən. Orada başqa bir həyat vardır. Həm də tarixi bir yerdir. Ora bizim babamızın tapıldığı dağdır. Gözəl Çobanqaya dağının tarixi haqqında uzun-uzadı təfsilat verdi. Təliə, doğrudan da, yayı Çobanqaya dağında keçirməyi qərara aldı. Lakin vəliəhd heç bir söz danışmırdı, o yalnız düşünür və evi dolaşırdı. Gözəl, Nizaminin ailəsilə görüşmək üçün başqa otağa keçdi, vəliəhd ilə Təliə isə sakit-sakit bir-birinin üzünə baxırdılar. Nəhayət, vəliəhd Təliəyə yaxınlaşaraq soruşdu: – Təliə, sən bir kəndli oğlunu sevim onunla yaşaya bilərsənmi? Təliə qara və heyrətli gözlərini vəliəhdə tərəf çevirib soruşdu: – O kəndli oğlu kimdir? – Hazırda mən ən adi bir kəndli oğluyam. Hazırda məndən fəqir və yoxsul bir adam yoxdur. Mən hazırda anamın himayəsində və bir şairin qonaqlığında yaşamaqdayam. – Sən bir hökmdar olmasaydın, səni daha artıq sevə bilərdim. Hərgah indiyə qədər ananızın himayəsində yaşadıqsa da, bundan sonra öz himayəmizdə yaşaya bilərik. Əcəba, biz işləmirdikmi? Başqaları ilə bərabər Püsəran kəndində vəzifəmizi bitirmirdikmi?! Şükür olsun, ikimiz də gənc, ikimiz də sağlam bədənliyik. Bizə heç bir şey lazım deyil. Mən ancaq səni sevirəm, buna görə də nə yoxsulluq, nə də zəhmətin ağırlığı məni qorxutmayır. Hər bir fikri başından at, qoy bu qeyli-qallı məmləkət Toğrulun özünə və oğluna qalsın. Həyətdən Nizaminin səsi gəldi, Təliə o biri otağa keçdi. Nizami içəri girdiyi zaman Gözəl də otağa girdi. Nizami ondan kəndin vəziyyətini və qoca Canpoladın səhhətini xəbər aldı. Gözəl bütün suallara cavab verəndən sonra nə üçün gəldiyini izah edərək dedi: – Havalar isti keçdiyi üçün uşaqları və sizin ailənizi Çobanqayaya köçürmək üçün gəldim. Mümkün olsaydı, sizin özünüz də bir neçə ay o tərəfdə vaxt keçirərdiniz, oraya hər tərəfdən şairlər və alimlər gəlirlər. Siz də bir az orada qalın. Nizami bir az fikirləşib: – İstidir, lakin təəssüf edirəm ki, uşaqlar gedə bilməyəcəkdir. Onların qabaqda böyük və uzunvaxtlı səfərləri vardır, – dedi. Gözəl də, oğlu vəliəhd də durub baxırdılar, səfərin nə kimi bir səfər olduğu barəsində soruşmağa cürət etmirdilər. Nəhayət, yenə də Nizami sükutu pozaraq dedi: – Məmləkətimizdə hökumət başına keçə biləcək nüfuzlu və xalqın etimad edə biləcəyi şəxsiyyətlər yoxdur. Süni nüfuz və süni etimad vasitəsi ilə hökumət başına keçirilən adamlar idarə edəcəyi xalqın etimad və məhəbbətini qazana bilməzlər. Təzə bir xanədan yaratmaq fikrinə tərəfdar deyiləm. Azərbaycanın qonşu hüdudlarında olan siyasi vəziyyətin bu fikrə imkan verməyəcəyini bilirəm. Daxili iğtişaşlar və Toğrulun sərxoşluğu nəticəsində yaradılan vəziyyət, Azərbaycan atabəyliyini Şərqdə ikinci dərəcəli bir hökumət dərəcəsinə gətirdi. Halbuki biz, xilafət məsələsi öldüyü zaman, daha da dirçəlməli idik. Lakin hökmdarın zəifliyi və onun bir qadın əlində oyuncaq olması, bizi bu qədər əlverişli bir fürsətdən istifadə etməyə buraxmadı. Siyasi vəziyyətimiz xarablaşdıqca, vaxtı ilə bütün Ərq məmləkətlərini heyrətə gətirən mədəniyyətimiz də, dar bir çərçivə içərisinə sıxılıb sönməkdədir. Vəziyyətin ağırlığı altında köhnələr əzilib aralıqdan çıxdı. Mücirəddinlər, Fələkilər, Əbülülə və Xaqanilər artıq yoxdur, onlar bizim bu qeyli-qallı mühitimizlə vidalaşıb getdilər. Xalqı adi həyatına qaytarmaq üçün xalq ilə birlikdə işləyəcək möhkəm əllər lazımdır. Hərgah belə bir əli özündə hiss edirsənsə, Azərbaycan xalqı sənə kömək verməyə hazırdır. Xalqın etimadını sənin ətrafında səfərbərliyə almağa söz veririk. Sənin arxanda duran qılınclar, şərq ölkələrində tanınmış qalib adamların əlindədir. Lakin qaliblərin arxalanması üçün möhkəm və sarsılmaz bir sütun lazımdır ki, o da hökmdardan ibarətdir. Sənin cürət və qəhrəmanlığınla tanışam, sən Qızıl Arslanın tərbiyəsi ilə böyüdün, buna görə xalqın iradəsi ilə işləyə biləcəyinə inanıram. Vəliəhd Nizaminin fikrini biləndən sonra öz fikrini əlavə edərək danışdı: – Hazırda cəmiyyət Toğrulun ətrafındadır, xalq öz zərərinə olsa belə, təzəliyi sevir. Məlikşahın Təbrizdə oturub Qızıl Arslanı əvəz etməsi Cənubi azərbaycanlılar üçün bir təzəlikdir. Bizim xanədanımızın ömrü bir əsrə belə çatmadı. Zamanın azlığına baxmayaraq iqbal dövrümüz sönməyə üz tutmuşdur. Elə zənn edirəm ki, Toğrulun ətrafında yığılmış cəmiyyəti heç bir ahənrüba öz tərəfinə çəkə bilməz. Nizami gülümsəyərək nəvazişkar bir surətdə vəliəhdə yanaşıb: – Özünü şaşırma, hökmdarda mətanətli bir qəlb olmalıdır, – dedi. – Toğrulun bəlası da orasındadır ki, onun ətrafında yığılanların cərgəsində xalq yoxdur, xalq bizim tərəfimizdədir. Onun ətrafındakılar xalqın özü deyil, xalqın iqbalı üzərində alış-veriş edənlərdir. Fəxrəddinlərin qılınclarının şəfəqi Yezdkürd qalasının bürcündən Araz çayı dalğaları üzərində əks etdiyi zaman, vəliəhd Toğrulun ətrafındakı alış-verişçiləri öz ayağının altında görəcəkdir. Hazırda səni təbrik edirəm, bu gün, Toğrulun təşəbbüslərinin əleyhinə olaraq Aran xalqı səni hökmdar elan etdi. Hazırlığını gör, yaxın günlərdə Naxçıvan şəhərinə hərəkət edəcəksən. Naxçıvanlılar bizimlə həmfikirdirlər. Onlar Eldəniz xanədanının dostlarıdır. Baban Eldənizin nüfuzu yenə də Naxçıvanda hökm sürməkdədir. Babanın dostları yenə də babana bəslədikləri hörməti onun qəbrinə də bəsləyirlər. Bu səfərdə böyük anan Möminə xatunun qəbrini də ziyarət edərsən. Vəliəhd və anası Gözəl öz qulaqlarına inanmırdılar, eyni zamanda Nizaminin əsli olmayan bir məsələ haqqında danışmadığını da bilirdilər. Nahar vaxtı idi, Gözəlin gəlməsi münasibətilə kiçik bir ziyafət tərtib edilmişdi. Ziyafətdə Gözəlin qardaşı Fəxrəddin, Dilşad, Əlaəddin və onun qadını Süsən iştirak edirdilər. Təliə yemək otağına girdiyi zaman, Nizami onun saçlarını sığallayaraq: – Azərbaycan tac-taxtının gənc mələkəsini təbrik edirəm, – dedikdə ziyafətdəkilər Əbubəkri və onun qadını Təlini təbrik etdilər. * * * Günorta namazından sonra vəliəhd birinci kərə Gəncə məscidində göründü. O, Nizami və Fəxrəddinlə bərabər minbərin sağ tərəfində salınmış döşəklərin üstündə oturdu. Məscidin içərisində təzə adamlar, xaricində isə bir çox silahlılar gözə çarpırdı. Hakimə məxsus döşəyin üstündə başqa hakim oturmuşdu, hətta xatibin döşəyinin üstündə də başqa bir xətib görünürdü. Xalq, Toğrul tərəfindən Gəncəyə təyin edilmiş hakimlə bərabər, xətibin də Gəncədən sürgün edildiyini və yerlərinə başqalarının təyin olunduğunu bilmirdi. Nəhayət, xətib minbərə çıxıb xütbə oxudu və xütbəsində Toğrulun əvəzində Cahan pəhləvan Atabəy Məhəmmədin oğlu Əbubəkr Nüsrətəddinin adını çəkdi. Məscidə bir gurultu qopdu. Razı qalanlar və razı qalmayanların səsləri bir-birinə qarışmışdı. Bəziləri oturduğu yerdə, bəziləri isə ayaq üstündə olaraq xətibə tərəf dönüb qışqırırdı. Bu vəziyyət davam etdikcə vəliəhdin ürəyi çırpınırdı, o, bu məsələnin hazırlanmamış bir halda xalqa təqdim olunduğunu hiss edir və bunun fəna nəticəsindən qorxurdu. Nizami bu qarmaqarışıq səslərin davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. Bundan sonra Fəxrəddin minbərin yanından ayağa qalxdı, bir neçə dəqiqə ayaq üstündə durub səs gələn və qışqırıqlar eşidilən tərəfləri gözdən keçirdi, qışqıranların kimlərdən ibarət olduğunu öyrəndi və sonra da əlini yuxarı qaldırıb “sakit olun” işarəsini verdi. Bir anda səslər kəsildi, Fəxrəddin danışmağa başladı: – Tək-tək adamlar öz iqbalının kimlərin əlində olduğunu yoxlamağa haqlıdır. Bu gün məsciddə qışqıranları tənqid etməyə heç kəsin haqqı yoxdur, razı qalan və razı qalmayanlar eyni dərəcədə haqlıdırlar. Həqiqətlər ancaq ixtilafların içərisindən süzülüb çıxandan sonra parlaya bilər. Hazırda tək-tək şəxslərin məsələsi deyil, böyük bir məmləkətin məsələsi həll olunur. Buna görə də heç bir kəsi sükuta məcbur etmək olmaz. Ən əvvəl mən xətib cənablarının Əbubəkr Nüsrətəddin haqqında oxuduğu xütbə ətrafında danışmaq istəyirəm. Hazırda hökmdarlıqdan düşürülməsini qərara aldığımız Toğrulun həyat və fəaliyyəti burada oturanların heç birisinə gizlin deyildir. Toğrul idarəedicilik qabiliyyətinə malik olan bir adam deyildir. Onu daima Eldəniz xanədanının üzvləri idarə edirdilər. Lakin, eyni zamanda; o başqaları tərəfindən də idarə olunmaqda idi. Hələ Atabəy Məhəmmədin dövründən bəri o, Xarəzmşahın xəfiyyəsi Zəhirəddin Bəlxini və İran şairi Kəmaləddini öz yanında saxlayıb bizim iqbalımızı onların məsləhəti ilə həll edirdi. Məmləkətin üzərinə başlanan hücumların səbəbləri yoxlandığı zaman, Toğrulun dəyərsizliyi bir daha meydana çıxmış olur. Toğrul öz xəyanəti ilə biz azərbaycanlıları bir neçə dəfə qanlı müharibələrə məcbur etmişdir. Biz bütün müharibələrdə qalib gəlmişik. Lakin onun bizdən gizlin olaraq düşmənlərimizlə başladığı münasibət yenə də bizi məğlub etdirmiş və tökülən qanların hədər getməsinə səbəb olmuşdur. Hazırda böyük bir padşahlıq dağılmaq üzrədir. Rey məmləkəti Xarəzm şahı Sultan Təkişin əlindədir. Həmədanda iraqlılar hökm sürməkdədir. Fars ölkələri İran vətənpərvərlərinin əlinə keçmək üzrədir. Toğrulun özü isə Təbrizdə oturub öz məmləkətinin əleyhinə, bizim əleyhimizə təbliğat aparmaqla məşğuldur. Bu vəziyyəti nəzərə alaraq sakit oturmağımız, məmləkətə qarşı tarixi bir xəyanətdir. Buna görə də mən, özlərini dəyərli və fəaliyyətli, idarəçi və çalışqan göstərə bilmiş Eldəniz xanədanından bir nəfərin hökmdarlığa təyin olunmasını təklif edirəm. O, Atabəy Məhəmmədin oğlu Əbubəkr Nüsrətəddindir. Vaxtilə vəliəhdliyini təsdiq etdiyimiz gəncdir. Fəxrəddin bunu deyərək Əbubəkrin əlindən tutub ayağa qaldırdı. Bir neçə dəqiqə Fəxrəddinlə Əbubəkr ayaq üstündə durdular. Nə “hə”, nə də “yox” deyən var idi. Nəhayət, Nizami vəziyyəti dəyişmək üçün ağaya qalxıb Əbubəkrin yanına gəldi və onun əlindən tutub məscid xalqına müraciət etdi: – Əvvəlcə təzə hökmdara mənim özüm beyət edirəm! – dedi. Nizamidən sonra Fəxrəddin, Əlaəddin və başqaları gəlib beyət etdilər. Beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. Gecə bütün şəhər bəzənmişdi. Küçələrdə, damlarda minlərcə məşəllər yanırdı. Hökumət dairəsinə məxsus meydandan yüzlərcə fişənglər göyə qalxır və təzə hökmdarın iş başına keçməsini Aran xalqına elan edirdi. Hökumət dairəsində hökmdarın şərəfinə təntənəli bir ziyafət verilmişdi. Ziyafətdə Nizami də iştirak edirdi. Gecədən bir neçə saat keçmiş bir dəstə qoşun hökmdarı böyük şairin samanlı palçıqla suvanmış evinə müşayiət etdi. * * * Bir aydan bəri Şimali Azərbaycanın hər tərəfindən axıb Naxçıvana gələn qoşun dəstələri Yəzdkürd qalasının ətrafında qurulan çadırlarda yerləşirdi. Araz çayının şimal tərəfindəki çəmənlərə baxıldığı zaman, hər tərəfdə sıra ilə ağ qanadlı kəpənəkləri xatırladan ağ çadırları görmək olurdu. Atabəy qülləsinin başında vurulan qılınc və qələm nişanlı bayraq əsdikcə, Eldəniz meydanında yığılan minlərcə Naxçıvan xalqı da: “Yaşasın Sultan Nüsrətəddin!” – deyə qışqırırdı. Eldəniz sarayının dişarı divarları qiymətli xalçalar, ipəklər və qumaşlarla bəzədilmişdi. Qapının başındakı kərənayxana səhər, günorta və axşamlar Eldəniz hökmdarlarına məxsus adət üzrə çalınırdı... Sultanın vəzirləri üçün xüsusi binalar hazırlanır, təmir edilirdi. Toğrul, Əbubəkrin sultan elan olunduğunu və Naxçıvana böyük bir ordu yığışdığını eşidərək həyəcana düşdü. O, öz səhvini anladı, lakin gec idi. Səhvlər islah oluna biləcək səhvlərdən deyildi. Nəhayət o, çox götür-qoydan sonra Təbrizdən Naxçıvana bir heyət göndərdi. Heyət Ziyaülmülk körpüsündən şimal tərəfə buraxılmadı. Fəxrəddin heyət sədrinin məktubuna cavab olaraq yazırdı: “Heyət qəbul etmək və hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün vəkil edilməmişəm”. Bu məktuba cavab olaraq heyətin göndərdiyi ikinci məktubda deyilirdi: “Hərgah həşəmətli Fəxrəddin müzakirə aparmağa vəkil edilməmişdirsə, o zaman bizim Gəncəyə getməyimizə imkan yaratsın. Biz əlahəzrət Sultan Nüsrətəddinin özü ilə bəzi məsələləri həll etmək istəyirik”. Lakin heyət bu təklifə də müsbət bir cavab ala bilmədi. Fəxrəddin bu təklifə verdiyi cavabında yazırdı: “Gəncəyə getməyə lüzum yoxdur, əlahəzrət yaxın günlərdə Naxçıvana varid olacaqdır. Heyət gəldiyi barəsində məruzə edərik, hərgah icazə verərsə, heyətin Naxçıvana gəlməsi mümkündür”. Heyət bu cavabı alandan sonra yenə də qayıdıb Ələmdar şəhərinə getdi, lakin Araz çayının cənub və cənub-şərq sahillərində qurulan çadırların sayı get-gedə artırdı. Toğrul hər ehtimala qarşı hazırlıq görür və silahlı qüvvə yığırdı. Sultan Nüsrətəddin Naxçıvana gələndən iki gün sonra Toğrul tərəfindən gələn heyətin Ziyaülmülk körpüsündən keçib Naxçıvana gəlməsinə icazə verdi. Heyətin Toğruldan gətirdiyi məktubun üstü Fəxrəddinin adına yazılmışdı. Buna görə də Nüsrətəddin Fəxrəddini çağırıb məktubu ona tapşırdı. Lakin Fəxrəddin məktubu oxumaqdan və hökmdara izah etməkdən utandı, çünki məktub öz mündəricəsi etibarilə böyük bir ordunun sərkərdəsinə deyil, bir nəfər yol vurana və quldura yazılmalı bir məktub idi. “Fəxrəddin! Mən bilsəydim ki, Şərqin iqbalı bir şairlə bir Fəxrəddinin əlində oyuncaq ola biləcəkdir, çoxdan bu səltənəti sənin bacın oğlu Əbubəkrə təslim edərdim. Hərgah sən və sənin rəhbərin olan şair bu cür düşünürsünüzsə, səhv edirsiniz. Çünki Şərqin müqəddəratını Aranda Sultan Sencər camesinə yığılan beş-on nəfər xəyalpərvər deyil, Bağdad saraylarında oturub bütün islam dünyasına hökm edən Əmirəlmöminin Ənnəsirəddinbillahlar həll etməlidirlər. Buna görə də islam dünyasında təzə qanların tökülməsinə imkan verməmək üçün sən də, sənin rəhbərin olan Şıx Nizamilər də bu məsələni xəlifənin hüzurunda müzakirəyə qoyub həll etməli idiniz. Lakin siz islam qanununa, adət və ənənəyə riayət etmədən, vərasət qanunlarının əleyhinə olaraq Toğrulun başındakı tacı qapıb bir kəndli qızından doğulan gəncin başına qoymaq istədiniz. Lakin tac hər başda durmaz. Oğurluq tac bir gün altındakı başı da özü ilə bərabər apara bilər. Sən ağlını başına yığ! Bir nəfər uşağı dünyada öz nəcabət və əsalətini tanıtmış olan Səlcuq nəvəsinin qarşısına qoymaqdan utan. Sən qəhrəmanlıq adını daşıya-daşıya tanınmısan, qoca vaxtında bu şöhrəti ucuz satma, çünki onu bir daha qazanmaq və əldə etmək üçün ömrün kifayət etməyəcəkdir. Öz şöhrətini tamamlamaq üçün məmləkətlərimdən birisini götürüb idarə et! Sən o şairdən əl çək, onda bir yığın kağızdan başqa heç bir şey yoxdur. Yaxın zamanda onun özünü də, qaraladığı kağızlarla birlikdə yandıracağam. Mən sənə əmr edirəm ki, gətirdiyin qoşunları evlərinə qaytarasan. Mən heç vaxt sizin təyin etdiyiniz valiləri tanımayacağam. Hərgah bu tələblər yerinə yetirilməzsə, mən öz hüququmu qoşun gücünə müdafiə edəcəyəm”. Toğrulun göndərdiyi nümayəndələr sakit-sakit baxırdılar, onlar məktubun cavabını gözləyirdilər. Lakin Fəxrəddin yenə də: “Cavabı əlahəzrətin özü verməlidir” – dedi. Heyət sədri isə hökmdara müraciətlə: – Biz əlahəzrətin hüzurundan mürəxxəs olub, əlahəzrət Toğrulun hüzuruna nə kimi bir cavabla getməliyik? – dedikdə Nüsrətəddin də: – Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir, – dedi. * * * Heyətin Təbrizə qayıtdığından on gün keçirdi. Toğrul tərəfindən göndərilmiş ikinci heyət Naxçıvana gəldi. Heyətin gətirdiyi ikinci məktubun mündəricəsi əvvəlki məktuba nisbətən yumşaq və soyuqqanlı bir surətdə yazılmışdı: “Əziz qardaşımın oğlu! Rəhmətlik qardaşım Atabəy Məhəmmədin bu məmləkət üzərində olduqca böyük bir haqqı var idi. Sən bilirsən ki, mən onun haqqını heç bir vaxt inkar etməmişəm. Sənin yaşın az da olsa, Eldəniz xanədanının tarixini çox yaxşı bilirsən. Eldəniz oğlanlarının heç birisi padşah olmamışdır. Onlar son günlərinə qədər mənim tərəfimdən və xəlifə tərəfindən təsdiq edilmiş atabəylik vəzifəsini bitirmişlər. Mən heç bir zaman bu vəzifənin Eldəniz xanədanı üzvlərinin əlindən alınmasına tərəfdar olmamışam. Hərgah qardaşımın oğlunun bir narazılığı varsa, o zaman bütün ailəmizin üzvləri bir yerə yığışıb narazılığın haqlı və ya haqsız olduğunu müzakirə edə bilərlər. Bu cür ixtilaflar qardaşımın sağlığında da bir neçə kərə baş vermişdi. Biz də yığılıb öz aramızda həll etmişdik. Bütün ixtilafları rəhmətlik anamız Türkan xatun həll edərdi. Bunun üçün də mən sənə iki təklif edirəm: onlardan birisi budur ki, məsələnin həllini yer üzünün xəlifəsinə və möminlərin əmirinə tapşıraq. İkincisi də, sən mənim və oğlum Məlikşah ilə bərabər məmləkətin idarəsində səmimiyyətlə iştirak elə! Hərgah son təklifə razısansa, o zaman sən Şimali Azərbaycanı, oğlum Məlikşah isə Cənubi Azərbaycanı idarə etməlidir. Bu qərarın üzərində sadiq qalmaq üçün hər üçümüz xəlifənin hüzurunda and içib imza verərik”. Nüsrətəddin bu məktubu oxuyandan sonra, Toğrula belə bir məktub yazdırdı: “Möhtərəm əmi! Məmləkət adından danışmaq üçün səlahiyyətli olmayan tək-tək adamlarla müzakirə apara bilmərəm. Çünki Azərbaycan xalqı bu barədə məni vəkil etməmişdir”. Toğrul bu cavabı alandan sonra, məsələnin ciddi olduğunu anladı. Nüsrətəddinə yazdığı üçüncü məktubunda bir daha güzəştə gedərək yazırdı: “Araz çayı sərhəd olmaq üzrə sənin Şimali Azərbaycan hökmdarı olduğunu təsdiq edirəm”. Lakin Toğrulun bu məktubuna da Nüsrətəddin: “Bu barədə müzakirə aparmağa vəkil edilməmişəm” – deyə cavab vermişdi. Məktub və müzakirələr nəticəsiz qalandan sonra hər iki tərəf silaha sarılmağa başlamışdı. Toğrulun Şimali Azərbaycan sərhədinə yığdığı qoşun miqdarca Fəxrəddinin gətirdiyi ordudan bir neçə qat artıq idi. Buna görə də Toğrul Araz çayını keçib Şimali Azərbaycana girməyi o qədər də çətin bir məsələ hesab etmirdi. Toğrulun qoşunu üç dəstəyə ayrılmışdı. Onlardan bir dəstəsi Cülfa kəndi qarşısından Araz çayını keçib Naxçıvana tərəf hücum edir, ikinci dəstə, Naxçıvanın qərb tərəfindən quruya çıxmağa çalışırdı. Toğrulun üçüncü ordusu isə, Xuda Afərin körpüsünü keçib Qarabağa hücum edirdi. Toğrul orduları müvəffəqiyyətlə çayı keçib Naxçıvanı mühasirəyə almaq və Nüsrətəddini tutub Toğrulun yanına aparmaq əmrini almışdı. Qarabağ tərəfindən Naxçıvana hücum edən dəstə müvəffəqiyyət qazandığı zaman, Naxçıvanın mühasirəsi bitmiş olacaqdı. Əlaəddinin sərkərdəliyi altında Qarabağa göndərilən qoşun bir aylıq müharibədən sonra Toğrulun ordusunu qovub körpüdən cənub tərəfə keçirmişdi. Culfadan keçən İraq ordusu Naxçıvan altına qədər irəliləyib Qızıl Vank monastırının altında Nüsrətəddinin şəxsən idarə etdiyi qoşunla vuruşurdu. Dörd gecə və gündüz davam edən müharibə nəticə vermədiyi zaman Hüsaməddin atını irəli sürüb Nüsrətəddini müharibəyə çağırdı. Nüsrətəddin qoşundan ayrılıb Hüsaməddinin qarşısına çıxdı. Vuruşma yarım saatdan artıq çəkdi. Hüsaməddin qılıncla Nüsrətəddini əlindən yaraladı, lakin Nüsrətəddin özünü şaşırmayaraq əmudla Hüsaməddinin çiyninə vurub qolunu sındırdı və qaçmaq istərkən kəməndlə sarıyıb yəhərdən götürdü. İraqlılar nə qədər çalışdısa da, Hüsaməddini Nüsrətəddinin kəməndindən qurtara bilmədilər. Sərkərdələrini əsir görən İraq qoşunu dərhal geri qayıtdı, aranlılar onların arxasına düşüb döyə-döyə onları Araz çayına tökdülər. Fəxrəddin qərb tərəfdən Naxçıvan altına qədər irəliləmiş düşmən ordusunu qismən qırıb, qismən də əmir götürdü. Toğrulun ordusu məğlub olaraq cənuba çəkiləndən sonra dinclik başladı. Nüsrətəddin isə ordunun cənuba hücum etməsi üçün hazırlıq əmrini verdi. * * * Hüsaməddinin edam edilməsi üçün Gəncədən razılıq məktubu gəldiyi gün, Təbrizdən də Toğrul göndərdiyi elçi Naxçıvana gəlib Nüsrətəddinə məktub gətirmişdi. Toğrul öz məktubunda yazırdı: “Məmləkət və vətən xainlərinin hiyləsinə aldanaraq öz vəlinemətinin üzünə qılınc çəkdin və minlərcə insan qanının tökülməsinə səbəb oldun. Eşitdiyimə görə, Hüsaməddinin yaraları sağalandan sonra, həyatına sui-qəsd etmək xəyalındasan. Mən tökdüyün qanları sənə bağışlayıram, lakin Hüsaməddinin həyatını beş yüz min qızıl dirhəm müqabilində mənə sat, o müqəssir deyil, o, öz vəzifəsini bitirən bir əsgərdir”. Nüsrətəddin yaza bilmirdi, əlindən yaralı idi, o, dayısı Fəxrəddini çağırıb Toğrulun məktubuna cavab yazmağı ona tapşırdı. Məktubda deyilirdi: “Sən heç bir zaman bizim üçün vəlinemət olmamısan. Biləks, xanədanımızın qılınçları sayəsində böyük nemətlərə nail olmusan. Çünki sənin özün nemət əldə edə biləcək bir dəyərə malik deyilsən. Məmləkət və vətənini əcnəbilərə satmaqla öz başını saxlamaq istəyən bir adamın, başqalarına vətən xaini deməyə haqqı yoxdur. Hüsaməddini beş yüz min qızıl dirhəm müqabilində sizə verə bilməyəcəyəm. Çünki o, məmləkət və vətən xainidir. Onun edam edilməsi üçün Azərbaycan xalqı bir səslə qərar çıxarmışdır. Onun edam edilməsi günü, mələkənin Naxçıvana gəldiyi günə qədər təxirə salınmışdır”. * * * Təliənin və Nüsrətəddinin anası Gözəlin taxt-rəvanı şəhərin mərkəzindən keçdiyi zaman, Atabəy qülləsinin qarşısında minlərcə silahlı və silahsız xalqın durduğunu gördülər. Onlar taxt-rəvanın ipək pərdəsini qaldırıb dişarı baxdıqları zaman Hüsaməddinin dar ağacından asıldığını görüb onun döşündəki iri xətlə yazılmış lövhəni oxudular: “Hüsaməddin, Atabəy Məhəmməd və Qızıl Arslanın qətlində iştirak etdiyi və məmləkətdə əcnəbi müdaxiləsi üçün imkan yaratdığına görə, Azərbaycan xalqı tərəfindən edama məhkum edilmişdir”. Nüsrətəddin xəstə idi, o xəstəlik yatağından təzəcə qalxdığı üçün Təliəni və anası Gözəli Atabəy Eldəniz sarayının qapısında istiqbal edə bildi. Təliə Nüsrətəddini xəstə və yaralı gördüyü zaman ağlamaq istərkən, Gözəl onun dodaqlarından öpərək: – Özünü ələ al, mehriban qızım! Bizim həyat tariximizdə ağlamaq sözü yazılmamışdır. Hökmdarın əlindəki yara, namus və qəhrəmanlığın silinməz bir möhürü olub qalacaqdır. Xalq hökmdarın uğrunda qan tökdüyü və öz həyatını qurban verdiyi zaman, hökmdarın sarayda oturub öz canını qorumaması şərəfsizlik olardı, – dedi. * * * Bu gecə Naxçıvanda indiyə qədər misli görünməmiş bir çıraqbanlıq var idi. Bir tərəfdən Toğrulun ordusuna ölüm zərbəsi vurulmuş, o biri tərəfdən gənc mələkə və hökmdarın anası Naxçıvana gəlmişdilər. Nüsrətəddinlə gənc mələkə Eldəniz sarayının bir guşəsində oturub sarayın cənubundan keçən Araz çayına və ayın şəfəqində gümüş rəngli ləpələrin balıq beli kimi titrədiyinə baxırdılar. Sanki on dörd gecəlik ay, üzündəki kirşanları yumaq üçün Edialağa gölünün sahilinə enir və ağ buludların qətifəsinə bürünərək çimməyə hazırlanırdı. Maku dağlarından qalxan ruzigar, Şahbuz qayalarından qopan sərin küləklər, Eldəniz sarayının başı üzərində çırpınaraq gənc mələkənin qara saçlarıyla əylənməyə çalışırdı. Xoşbəxt gənclərin oturduğu köşkün başı üzərində dövrə vurub dayanan nəş ulduzları da qısqanclıqdan parlayan gözlərini Təliənin çöhrəsinə dirəyib baxırdı. Gənc Nüsrətəddin dodaqlarını Təliənin dodaqlarına uzatdığı zaman, küləklər də ulduzları qısqandırmamaq üçün Təliənin uzun saçlarını qaldırıb Nüsrətəddinin çiyinlərinə tökür və pərdə çəkirdi. Bu vəziyyət uzun dəqiqələr davam etdi. Son kərə Təliə dodaqlarını gənc hökmdarın dodaqlarından çəkdiyi zaman belə bir səs eşitdi: “Mələkə həzrətləri, şam süfrəsinə buyurun”. Onlar yerlərindən qalxıb aşağı düşmək istərkən, yenə də hökmdar Təliənin dodaqlarından, ruzigarlar isə qara saçlarından öpürdü. Təliənin və Gözəlin Naxçıvana gəldiyinin ikinci günü hökmdarın əmrinə görə babası Eldəniz və böyük nənəsi Mömina xatunun qəbirləri üzərində bir ziyarət mərasimi düzəldilmişdi. Hökmdar babasının qəbir daşına bir dəstə gül qoyub dedi: “Aylardan bəri Naxçıvanda oturub ziyarətinizə gəlmədiyimi özünüzə qarşı bir nəzakətsizlik hesab etməyin. Qaliblərin ziyarətinə böyük bir qələbənin müjdəsi ilə gəlmək istəyirdim. Bu gün Naxçıvan yenə də sənin varlığınla fəxr edir, sənin rəhbərliyinlə vətənini düşməndən təmizləyir. Sənin oğlanlarının intiqamını aldım, onların qatillərini dar ağacından asdım. Araz çayının cənub sahilinə keçirəm. Eldənizin tarixi nüfuzunu yenə də Bağdad qapılarına hakim edəcəyəm”. Gözəl və Təliə Eldəniz və Mömina xatunun qəbirləri üzərinə gül qoyub qayıtdıqları zaman, yolun ətrafında duran yoxsullara qızıl və gümüş dirhəmlər və dinarlar ehsan edirdilər. * * * Gecə çox qaranlıq idi. Daşın dalında oturub Araz çayına baxan keşikçi Araz çayından bir qaraltının üzüb bu tərəfə keçdiyini hiss etdi, yerindən hərəkət etməyərək gözünü həmən nöqtəyə zillədi. Bir neçə dəqiqədən sonra çayın kənarındakı daşın dalından bir nəfərin qalxıb şəhərə tərəf getmək istədiyini gördü və ayağa qalxıb: – Kimsən?.. Dayan! – deyə səsləndi. Naməlum adam dayandı və heç bir müqavimət göstərmədi, ancaq keşikçinin: – Kimsən?.. Nəçisən?! – deyə verdiyi suala cavab olaraq: – Bir dəqiqə artıq danışmaq əlahəzrət Nüsrətəddinə qarşı bir xəyanətdir, məni onun yanına aparın! – dedi. – Mən səni ancaq bizim nayibin yanına apara bilərəm. – Hər kimin yanına aparırsan apar, lakin yubanmaq lazım deyil. Keşikçi onu nayibin yanına gətirdi. Nayib onun kim olduğu və nə üçün gəldiyi barəsində sual verməyə başladı. Naməlum adam sual-cavabın uzun çəkəcəyini hiss etdi, nayibdən yüzbaşıya, yüzbaşıdan sultana, sultandan əmirhəng, sərtib, sərhəng və süpərsalara qədər bu kimi suallara cavab verməyə məcbur olacağını və buna görə də nayibə müraciət edib dedi: – Sual-cavabı buraxın, hər bir sualın cavabını vermək onlarca insanın məhv olunmasına səbəb ola bilər, vəziyyət ciddidir. Məni əlahəzrətin yanına götürün. Nayib qasidin sözünə qəhqəhə ilə güldü və dedi: – Nə qədər əziz qonaq... Gecənin bu zamanı əlahəzrət öz sarayında oturub Araz çayından oğurluqca keçən cənabın yolunu gözləyirmiş. Eybi yoxdur, yol gəlibsən, yorğunsan, bu gecəni bizim qarovulxanada qalıb istirahət edərsiniz. Sağlıq olursa, sabah sizin əmrinizə əməl edərik. Qasid yalvarmağa başladı, lakin sözü qəbula keçmədi. Onu bir neçə əsgər götürüb qarovulxananın içəri otağına aparmaq istədi. Ancaq o: – Bu sizin tərəfinizdən hökumətə qarşı bir xəyanətdir. Mən mühüm bir məqsəd üçün Naxçıvana göndərilmişəm. Bu sözlərin heç birisi qəbula keçmədi. Onu çəkə-çəkə aparırdılar. Bu halda qarovulxanaları yoxlamaq üçün gələn Fəxrəddin dörd nəfər yavəri ilə bərabər qarovulxanaya girdi və naməlum adamın otağa sürüldüyünü görüb soruşdu: – Bu nə deməkdir?! İnsana qarşı insancasına əlaqəni unutdunuzmu?! Nayib bu suala qarşı cavab verib dedi: – Araz çayından xəlvətcə keçmişdir. Özü də padşahın özündən başqa heç bir kəslə danışmaq istəmir. Görünür ki, ağıldan da bir azca yoxsuldur. Özünün bu saatda padşahın yanına aparılmasını tələb edir. Fəxrəddin nayibin üzünə acı bir baxışla baxaraq: – Buraxın, buraxın mənim yanıma gəlsin, – dedi. Naməlum adamı buraxdılar. O, Fəxrəddinə sual verdi: – Siz kimsiniz? – Mən padşah ordusunun süpərsalı Fəxrəddinəm. – Bu təsadüf bir xoşbəxtlikdir, sizin nayiblər mənim vaxtımı sual və cavabla itirsəydilər, əsas məqsəd əldən çıxacaq idi. Təbrizdə vəziyyət qorxuludur, məni Şəmsəddin göndərmişdir. Əlahəzrətin hüzuruna getməliyəm. Fəxrəddin daha heç bir söz demədi. Qasidlə bərabər atlanıb gecə saat ikidə Eldəniz sarayına çatdılar. Keşikçi gedib Nüsrətəddinə Fəxrəddinin bir nəfər naməlum adamla gəldiyini xəbər verdi, bir azdan sonra qayıdıb: – Əlahəzrət sizin müntəzirinizdir, – dedi. İçəri girdilər. Nüsrətəddin yatmamışdı, o Təliə üçün Nizaminin “Xosrov və Şirin” əsərindən parçalar oxuyurdu. Fəxrəddin qasidi əlahəzrətə təqdim edib: – Qasid, mərhum Qızıl Arslanın qoca vəziri Şəmsəddin tərəfindən gəlmişdir, – dedi. Nüsrətəddin kitabı əlindən yerə buraxıb: – Mənim möhtərəm müəllimimin kefi necədir? – deyə soruşduqda, qasid: – Həm çox qocadır, həm də xəstədir. – Məktub verməmişmi? – Bəli, vermişdir. – Hanı bəs məktub? Qasid utanaraq cavab verdi: – Məktub köynəyimə yazılmışdır. – Get, çıxar gətir. Qasid, pərdənin dalına keçərək köynəyi çıxarıb gətirdi, lakin oradan heç bir şey oxunmurdu. Fəxrəddin köynəkdə yazı görmədikdə nayibin “ağıldan da bir azca yoxsuldur” – dediyi yadına düşdü, naməlum adama inanaraq padşahın yanına gətirdiyindən utandı və ona sual verdi: – Öz çirk köynəyini padşaha nişan vermək üçünmü Araz çayını keçib bura gəlmişdin?! Qasid bu sualdan gülümsünərək dedi: – Əmr edin qızarmış odla dolu bir manqal gətirsinlər. Fəxrəddin güldü, padşah da qəhqəhə ilə güldü və qasidə sual verdilər: – Köynəyinin tərini qurutmaqmı istəyirsən? – Rica edirəm, vaxtı boşa verməyin. Manqal gətirilməsinə əmr verin. – Manqal gətirdilər. Qasid köynəyi istiyə tutdu, bir azdan sonra köynəyin üstündə sarı rəngdə yazılar görünməyə başladı. Fəxrəddin və padşah heyrətlə soruşdular: – Bu nə deməkdir? – Təbrizdən kənara çıxanların hamısı Toğrulun təyin etdiyi qarovullar tərəfindən axtarılır. Bir parça kağız şəhərdən kənara çıxarmaq mümkün deyil, yollarda uzunqulaqların palanlarının içərisini belə söküb axtarırlar. Buna görə də Şəmsəddinin əmrinə görə məktubu soğan suyu ilə köynəyimə yazdılar. Köynək ancaq oda tutulandan sonra yazıları oxumaq mümkün olacaqdır. Fəxrəddin köynəyi əlinə alıb məktubu oxumağa başladı: Əlahəzrət! Toğrulun Naxçıvan altındakı məğlubiyyəti dostlarınızı həddindən artıq sevindirdi. Lakin Toğrul indi şimali azərbaycanlıların intiqamını Cənubi Azərbaycan xalqından almağa başlamışdır. Yaşayış şəraiti olduqca ağırdır. Toğrulun yaratdığı bu şərait azərbaycanlıları köçürüb yerlərinə iraqlıları və iranlıları köçürmək məqsədini daşıyır. Toğrul Cənubi Azərbaycanı iranlılaşdırmaqla Şimali Azərbaycanın qarşısına bir hasar çəkmək, daha açığı, onları təkləmək istəyir. Hazırda Təbrizdə və ətrafında birləşən iyirmi min İraq və Fars qoşunlarına öz ailələrini Azərbaycana köçürmək əmri verilmişdir. Təbrizin qərb tərəfində yaşayan xalqa, bir ayın müddətində köçüb İraq və Fars məmləkətlərinə getmələri əmr olunmuşdur. Lakin onlar Toğrulun bu əmrinə itaət etmədilər. Onlar Toğrulun göndərdiyi cəza dəstələrini qovub məhəlləndən çıxardılar. Hazırda ixtilaf böyük bir üsyan şəkli almışdır. Qara Məlik adlı bir nəfər kəndli bu üsyanı idarə edir. Cənubi Azərbaycanın hər tərəfindən igidlər və vətənpərvərlər Qara Məlikin köməyinə gəlirlər. Lakin onlar nə qədər qəhrəman olsalar da, mübarizəni uzun müddət davam etdirə bilməyəcəklər. Çünki onlar rəhbərsizdirlər. Toğrul hələ Naxçıvan üzərinə hücuma başlamazdan əvvəl xalqın rəhbərlərini və iş bilən adamlarını həbs etdirmişdir. Mən özüm də xəstə olduğum üçün, evimdə həbsə alınmışam. Təbrizə tecili surətdə kömək verməyiniz lazımdır. Üsyançı kəndləri dağıtmaq üçün Həmədandan böyük məncəniqlər gətirilməkdədir. Əlahəzrəti əmin edirəm, Şimali Azərbaycan atlıları Mərənd şəhəri altında görünən kimi, təbrizlilər üsyana başlayıb öz düşmənlərini qovacaqlar. Mən elə zənn edirəm ki, azərbaycanlıların Toğrula qarşı aparacağı bu mübarizə son mübarizə olacaqdır. Əlahəzrətin nəzərinə bir şeyi də yetirmək istəyirəm ki, o da bundan ibarətdir: İraqdan və Reydən aldığım xəbərlər olduqca qorxuludur... Şərqin hazırkı vəziyyəti Toğrul kimilərin tac-taxtı əlində saxlaması üçün əlverişli deyil. Hazırda xilafətin bir Atabəy qədər də nüfuzu qalmamışdır. Onu bugünkü vəziyyətdə saxlamaq üçün qüvvətli bir əl lazımdır. Toğrulda isə elə bir əl yoxdur. Xəlifə o kimi qüvvətli əli Sultan Əlaəddindən və Xarəzm padşahından ummaqdadır. Toğrul uçuruma doğru sürüklənib gedir, ayıq olmaq lazımdır ki, o, məmləkəti də özü ilə bərabər uçuruma aparmasın. Təbrizlilər sizi böyük səbirsizliklə gözləməkdədir. Təbriz, Şəmsəddin”. Padşah qasidin istirahəti üçün əmr verdi. Otaqda bir Fəxrəddin, bir də padşahın özü idi. Padşah Fəxrəddinə sual verdi: – Bu vəzifəni yerinə yetirə biləcəyikmi? – Hər nə olursa olsun yerinə yetirməliyik. – Ordun hazırdırmı? – Hazırdır, hər ehtimala qarşı hazırdır. – Sabah gecə Araz çayını keçmək lazımdır. Lakin hücum başlanacağını heç bir kəs bilməməlidir. Fəxrəddin: – Başım və gözüm üstündə! – deyib padşahla vidalaşdı. * * * Gecə çox qaranlıq idi. Göz-gözü görmürdü. Maku dağlarında oynayan qara buludlar Qızıl Vank dərəcəsinin şimalından Araz çayına tərəf yürüyən atlıların hərəkətini pərdələyirdi. Kişnəyən atların ağızları bağlanmışdı. Lakin bir-birinin dalınca şığıyan və ətrafı işıqlandıran ildırımlar Araz çayı kənarında başlanmış bu axını çox tez bir zamanda Toğrul ordusunun gecə qarovullarına xəbər verdi. Bir anda Culfa burnundan Ərəblər kəndinə qədər otuz fərsəng məsafədə yerləşən Toğrul ordusundan şeypur səsləri və “düşmən gəlir” qışqırtıları eşidilməyə başladı. Toğrul ordusu ayağa qalxdı. Bir anda Araz çayının başı üzərində hakim olan dağlarda od yandırıldı, çayın keçəcək yerləri gündüz kimi işıqlandı. Çayın kənarına yığılmış tikan kollarına od vurdular. Çay işıqlandığı zaman minlərcə Qarabağ və Aran atlılarının burnundan su fışqıra-fışqıra üzən atlarda çayın cənub sahilinə doğru üzdükləri göründü. Bir anda qiyamət başladı. Gecənin qaranlığından istifadə edərək, Fəxrəddin çayın şimalındakı dağlarda böyük daşlar ata biləcək dörd yüzə qədər məncəniqin yerləşdirilməsində əmr vermişdi. Düşmən cənubdakı qayaların dalında yerləşib oxları yağış kimi çaydan keçənlərin üzərinə yağdırırdı. Lakin dörd yüz məncənəqin atdığı ağır daşlar qayaları Toğrul qoşunlarının başına uçururdu. Bir neçə dəqiqənin içərisində qalın toz təbəqələri Araz çayı ilə Toğrul qoşunları arasında geniş bir pərdə çəkdi. Gün çıxanda Fəxrəddinin on min nəfərdən ibarət olan birinci dəstəsi Araz çayını keçərək Culfa düzlərində yerləşmişdi. Toğrul ordusu Cəbbəxana və çadırlarını buraxıb dağınıq bir halda Xoy və Təbrizə tərəf çəkilmişdi. Axşam saat dörd radələrində Nüsrətəddin böyük bir dəstə ilə Araz çayını keçib qərargaha gəldi və dərhal qoşunun kiçik dəstələrə ayrılaraq Təbrizə doğru hərəkət etməsinə əmr verdi. Culfa düzündə böyük bir bayram nümayişi hiss olunurdu, Azərbaycan qoşununun çayı keçdiyini və Təbrizə köməyə getdiyini eşidən və bilənlər güllər, çiçəklər, qurbanlar və sair hədiyyələrlə bərabər Culfa düzünə yığılmışdılar. Kəndlilər yaralıları sağaltmaq üçün öz evlərinə götürür və onların əvəzinə öz oğlanlarını orduya verirdilər. Kəndlilər Toğrul ordusunun dağılmış dəstələrini dağlardan, dərələrdən qoyun sürüsü kimi tutub padşaha təslim etmək üçün Culfa düzünə gətirirdilər. Padşah isə onların Naxçıvan və başqa şəhərlərə göndərilmələrinə əmr verirdi. Qoşun yeyib-içəndən və oynayıb şadlıq edəndən sonra, Təbrizə tərəf hərəkət etmək əmrini aldı. Qoşun təbrizliləri qurtarmaq üçün istirahət etmədən at sürürdü. Axşam vaxtı Culfa düzündən hərəkət edən ordu, sabah gün çıxan zamanı Mərənd şəhərini mühasirə etməyə başlamışdı. Lakin şəhərin mühasirəsinə lüzum görülmədi, çünki Azərbaycan qoşununun şəhərə yaxınlaşdığını eşidən mərəndlilər dərhal üsyan edib, Toğrulun qoşunlarını qırmış və hakimlə bərabər bir çoxlarını həbsə almışdılar. Şəhər xalqı musiqi və şadlıq nəğmələri ilə Azərbaycan ordusunu qarşılayıb həbsə alınmış hakimi və əsirləri təqdim etdilər. Fəxrəddin isə onlara razılıq edib hakimin və əsirlərin qərargaha göndərilməsinə əmr verdi. Bir neçə saat istirahətdən sonra qoşun Təbrizə doğru hərəkət etdi. Ordu Sofiyan kəndinə çatdığı zaman, Təbrizdən qaçanlar Fəxrəddinin yanına gəlib şəhərdə dəhşətli qırğınlar davam etdiyini xəbər verdilər. Qaçqınların göstərişinə görə Qara Məlikin üsyançı dəstələri təslim olmaq təklifini rədd etdiklərindən və Təbriz xalqının bu üsyana qoşulduğundan acıqlanmış Toğrul, Təbriz xalqının qətl və qarət olunmasına əmr vermişmiş. Dörd gündən bəri Toğrul qoşunu ilə Təbriz xalqı arasında qanlı müharibələr gedirmiş. Fəxrəddin orduya iki saatlıq istirahət verdi. Culfadan hərəkət etmiş ikinci və üçüncü dəstələr də Sofiyan kəndinə yanaşdı. Axşam qaranlıq düşəndə Təbrizdən Sofiyan tərəfinə güclü qoşun dəstələrinin hərəkət etdiyini xəbər verdilər. Yarım saat keçmədən İraq atlıları Alver və Sofiyan tərəflərində görünməyə başladılar. İki qalın toz təbəqəsi bir-birinə yaxınlaşırdı. Ancaq Qarabağ və Aran atlarının şiş kimi duran quyruqları görünürdü. İgidlər isə oxdan qorunmaq üçün şiddətlə yürüyən atların böyrünə yatmışdı. Atlar burun-buruna toxunmaq istədiyi zaman qılınclar qınından çıxdı. Dörd saat davam edən qanlı müharibədə Azərbaycan ordusu iraqlıların müqavimətini sındırdı. Fəxrəddin orduya verdiyi əmrində: “Birinci növbədə Təbrizdən Qəzvinə gedən yollar əldə edilməlidir” – dedi. İraqlılar döyüşə-döyüşə çəkilib Təbrizə girdilər. Gecə olduğuna baxmayaraq, şəhərin içərisində qızğın vuruşmalar gedirdi. Günəş Ərkin dalından çıxıb Təbriz küçələrində tökülən günahsız qurbanları gözdən keçirdiyi zaman, on gündən bəri Toğrul qoşunu ilə döyüşməkdə olan Təbriz xalqı azad nəfəs alır və Şimaldan gələn qardaşları ilə öpüşür və salamlaşırdı. Toğrulu və oğlu Məlikşahı tutmaq mümkün olmamışdı, çünki Sofiyan altındakı müharibəni itirəndən sonra Toğrul oğlu Məlikşah ilə bərabər Qəzvin tərəfinə qaçmışdı. Təbriz alınandan iki gün sonra padşah Təbrizə gəldi. O, birinci növbədə Təbriz üsyanını başlayan Qara Məliki yanına çağırıb xələt verdi və: – Yaşadığın məhəlləni sənin adınla adlandırıram! – dedi. * * * Toğrulun qətli Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu. Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı. Qütlüğ İnancın orduları Həmədan altına yığıldığı zaman, Azərbaycan ordusu da padşahın rəhbərliyi altında Qəzvin ətrafında yerləşib durmuşdu. Çünki Xarəzm ordusu III Toğrul ilə hesablaşandan sonra Azərbaycana soxula bilərdi. Xarəzmşahla bağlanan müqavilədə Xarəzm şahı Qütlüğün Azərbaycan taxt-tacına malik olacağını öhdəsinə götürmüşdü. Toğrul ilə Azərbaycan arasında olan ixtilafa baxmayaraq, azərbaycanlılar köhnə və milli hüdudu müdafiə etmək üçün Toğrula kömək vermək və əcnəbi hücumunu dayandırmaq məsələsini müzakirə edirdilər. Lakin Toğrul azərbaycanlıların bu təklifini tamamilə düşmən bir fikir hesab etdiyi üçün qəbul etmədi. Bu təklifdən sonra Toğrul düşmənə qarşı qoya biləcəyi qüvvətin mühüm bir hissəsini İraq cəbhəsindən götürüb Azərbaycan sərhədinə gətirdi. Fəxrəddin məmləkətin qorxu altında qaldığını hiss edərək, Toğrulun əlində olan məmləkətləri müdafiə etmək üçün əlindən gəldiyi qədər çalışırdı. Lakin Toğrul yenə də öz inadında davam edirdi. Nəhayət, Xarəzm və Rey orduları hüdudu keçdiyi zaman, Fəxrəddin Toğrula belə bir məktub göndərdi: “Məmləkət qorxu altındadır. Xarəzmdən və Reydən üzərinə yürüyən orduların öhdəsindən gələ bilməyəcəksən. Çünki sənin güvəndiyin orduda bir nəfər də olsa səmimi dostun yoxdur. Düşmənin buna inandığı üçün də sənin üzərinə yürüyür. Sənin əlində olan məmləkətin düşmən əlinə keçməsi bir neçə günün işidir. Bizim əlimizdə olan vəsiqələrə görə, xəlifə Ənnəsiraddinbillah Sultan Təkişin Rey və İraqın üzərində hökmranlığını təsdiq etmişdir. İş-işdən keçmişdir. İnadı burax! Azərbaycan xalqının qanları və qurbanları bahasına alınmış məmləkətlərin düşmən əlinə keçməsinə razı olma. Sən bu selin qarşısında dura bilməyəcəksən. Sən bizə inan, sərhəddi aç, qoy Azərbaycan qoşunu gəlib düşməni məmləkətdən qovsun. Biz hazırda sənin əlində olan torpaqları sənin üçün müdafiə etməyə and içirik”. Toğrul Fəxrəddinin məktubunu alandan sonra öz vəziri şair Kəmaləddinlə məsləhətləşdi. Kəmaləddin Fəxrəddinin məktubunu oxuyub güldü və: – Azərbaycanlılar böyük bir məmləkəti quru bir məktubla işğal etmək istəyirlər, – dedi. Toğrul Fəxrəddinə verdiyi cavabında: “Mənim üçün şimaldan gələn dostlar, şərqdən və şimal-qərbdən gələn düşmənlərdən daha qorxuludur” – deyə yazdı. Nəsihətlər fayda vermədi. Müharibə başlanmışdı. Şəhərlər bir-bir düşmən əlinə keçirdi. Lakin Toğrul öz eyş-işrətində davam edir və cəbhələrin müdafiəsi ilə məşğul olmurdu. Düşmən onun, içində olduğu paytaxtın qapılarını döyməyə başladı. On birinci gün nahar yeməyindən sonra Toğrul həddindən artıq sərxoş idi. Yumşaq balışlara söykənib şərab içir və rəqqasələrin titrək göbəklərinə tamaşa edirdi. Sərkərdə içəri girib baş endirdi: – Düşmən Rey darvazasından şəhərə soxuldu, müharibə Atabəy meydanının ətrafında gedir, – dedi. Musiqi dayandı, içi şərabla dolu piyalələr yerə qoyuldu, rəqqasələr yerlərində buzlayıb durdu, hökmdarın taxtının ayağındakı məxmər döşəklərin üstündə sərilib oturan cariyələrin göz bəbəkləri dondu, hər kəs hökmdarın ağzına baxırdı. Nəhayət, hökmdar səsləndi: – Atımı və silahlarımı gətirin! – dedi. Salon boşaldı, yarım saatdan sonra hökmdarın xasə alayı onu təntənə ilə döyüş meydanına gətirdi. Qütlüğ İnanc atını sürüb Toğrulun qarşısına gəldi. Toğrul atını məhmizləyərək meydanı dolaşdı. Qütlüğün üzərinə at saldı. Yəhərin üstündən ağır gürzü çıxarıb Qütlüğün başına endirmək istərkən, Qütlüğ atını geri sıçratdı. Gürz Toğrulun öz atının qoluna dəyib sındırdı, Toğrul atı ilə bərabər yerə yıxıldı. Toğrul qoşunundan heç bir kəs irəli gedib onu Qütlüğ İnancın əlindən almaq istəmədi. Qütlüğ atından enib qılıncını çəkdi. Toğrul vəziyyəti belə görüncə sərxoşluqdan ayıldı və Qütlüğə yalvarıb dedi: Ey Cahan pəhləvanının oğlu, mən bugünkü günün sultanıyam. Mərhəmət vaxtıdır, mənə aman ver! Qütlüğ əlində qılınc onun başı üzərində durduğu zaman dedi: – Ölüm gəldiyi zaman böyüklük tələbində olma! Bu müharibələrin səbəbi sənsən. Qütlüğ İnanc bunları dedikdən sonra ona bir qılınc endirdi. Bir qılıncla böyük bir səltənətə nəhayət verildi. Qütlüğün əmrinə görə Toğrulun meyitini bir dəvənin üstünə atıb Sultan Təkişin hüzuruna göndərdilər, o isə Toğrulun cəsədini dəvənin üstündə görüncə gözlərinə inanmadı, səcdəyə düşüb şükür etdi. Nəhayət, Toğrulun başını kəsdirib Bağdad xəlifəsi Nəsiraddinbillaha göndərdi, meyitin özünü isə Bazar meydanında dar ağacından asdırdı. Bu vəziyyəti görən məşhur şair Fazili Toğrulun ölümünə yazdığı bir rübaisində deyirdi: Imruz, Şəha, zəmaneyi-diltəngist, Firuzeyi-dəhr, hər zəman barəngist, Dey ədsəri-tö ta befələk yek kəz bud Imruz zisəri-ta bədənəş fərsəngist. Müharibədə Sultan Toğrulun vəziri və nədimi Kəmaləddin şair də əsir götürülmüşdü. Onu Sultan Təkişin vəziri Nizamülmülk Məsudun yanına gətirdikdə Nizamülmülk dedi: – Sənin mədh etdiyin, əzəmət və qüvvətinə dair böyük kitablar yazdığın qəhrəman Toğrul bu imiş?! O, Sultanın qoşununun qarşısında bir saat da olsa davam edə bilmədi. * * * Kaman Nüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı. Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı. Xarəzm şahı Sultan Təkiş, son zamanlar Qütlüğ İnancla bağladığı müqaviləyə əməl etməyə bilərdi. Çünki Çingiz xanın zühuru xəbəri Orta və Yaxın Şərqi bir-birinə vurmuşdu. Şərq hökumətləri məmləkətlərinin hüdudlarını genişləndirməklə yox, möhkəm etməklə məşğul olurdular. Artıq məmləkətlərin sərhədləri hər ay başında dəyişmirdi. Buna görə də Azərbaycan və onun qoşunları, məmləkətlərini bərpa etməyə, xarabalıqları düzəltməyə və yığılmış mədəniyyəti yenidən qurmağa başlamışdılar. Hazırda Nüsrətəddin özünü ən xoşbəxt bir hökmdar hesab edirdi. O xalqı sevir, xalq da onu sevirdi. Bütün Azərbaycan xalqı: “Hökmdarımız yabançı deyil, öz bacımız oğludur! – deyə fəxr edirdi. Nüsrətəddini ikinci bir xoşbəxtlik də istiqbal edirdi. Onun gənc mələkəsi gözəl Təliə ikicanlı idi, yaxın günlərdə doğacaq idi. Təbriz isti olduğuna görə hökmdar öz ailəsi ilə Ucan yaylasına köçmüşdü. Axşam idi, hökmdar öz gənc mələkəsi ilə Eldəniz qəsrinin uca balkonunda oturub Səhənd dağından tökülərək yaşıl bağçalıqların qoynuna girən həyəcanlı suların səsini dinləyirdi. Təliə bu zəngin mənzərəni bir neçə dəqiqə gözdən keçirərək: – Təbiət nə gözəl şeydir! – dedi. – Dünyada xoşbəxt yaşayaraq bu təbiətə bol-bol baxmaqdan da qiymətli bir şey vardırmı?! Hökmdar gənc qadının cavabında: – Təbiəti gözəlləşdirən bir çox şeylər vardır. Onların birisi də sənsən, mənim gözəl qadınım! Mənim xoşbəxtliyimin qiymətli dəqiqələri sənin gözlərinə baxdığım dəqiqələrdir. Yaxın günlərdə sən mənim xoşbəxt sarayıma bir dəstə çiçək də əlavə edəcəksən. Eldəniz xanədanının davamı sənin mənə hədiyyə verdiyin o çiçəklə başlanacaqdır. Hökmdarın bu sözlərindən sonra gənc Təliə dodaqlarını hökmdarın dodaqlarına yaxınlaşdırmaq istərkən diksindi və yıxılmaq istərkən, hökmdar onu tutub qolları arasına aldı. Gənc Təlienin boğazına sancılan oxu qabaqdan çəkib çıxarmaq mümkün olmadı. Daldan çəkib çıxardılar. O danışa bilmədi, bir kərə gözlərini açıb hökmdarın üzünə baxıb ağladı və gözlərini həmişəlik olaraq yumdu. Hökmdar bir kərə ah çəkərək: – Görəsən dünyada məndən də bədbəxt bir adam vardırmı?! – dedi. Hökmdar Ucan yaylasının mühasirəyə alınması və heç bir kəsin kənara buraxılmamasına əmr verdi. Saray bir-birinə dəymişdi. Hökmdar, Təlienin başını qolları arasına alıb ağlayır və ancaq: – Təliə, bir daha gözlərini açıb mənə bax! – deyirdi. Qoşun dəstələri Ucan yaylasının altını üstünə çevirdilər, heç bir kəsi ələ keçirə bilmədilər. Bir çoxları bu oxun bir düşmən tərəfindən atıldığını zənn edirdi. Onun təsadüfi bir ox olduğunu qeyd edənlər də var idi. Hər nə səbəb olursa olsun, Təlienin bu faciənə ölümünü hökmdar bir an da olsa unuda bilmirdi. O, yalnız cümə axşamları deyil, hər gün Təlieni xatırladığı zaman, Sürxab qəbiristanına gəlib bir neçə saat Təlienin qəbri yanında oturub ağlayır və dərdinin çəkilməz bir dərd olduğunu qəbir daşına danışıb evə qayıdırdı. Payızın soyuqları başlamışdı, qar yağışla bərabər yağırdı. Hökmdar sarayın pəncərəsində oturub bağçaya baxırdı. Təbrizin üfüqləri hökmdarın qəlbi qədər kədərli idi. Yuxarıdan ağacların üzərinə düşən hər damcı, bir yarpağı qoparıb yerə salırdı. Qanadları islanmış bülbül-lər qardan və yağışdan qorunmaq üçün o budaqdan bu biri budağa qaçırdılar. Pəncərənin qabağındakı ağacda qalmış heyvalar bir hicran xəstəsinin çöhrəsi kimi baxanları kədərləndirirdi. Hökmdar daima payız havasından məmnun qalmazdı, o bu kimi havalarda özü üçün bir məşğuliyyət axtarardı. O, birdən-birə heç bir tərəfə dönmədən səsləndi: – Təliə, dur gətir “Şərəfnamə”dən mənim üçün hind qızının dastanını oxu! – dedi və Təlienin öldüyünü xatırlayaraq hönkür-hönkür ağladı. * * * Xidmətçilər silahlandılar, hökmdarın yanınca qəbiristana tərəf yola başladılar. Qaranlıq düşürdü. Küçələrdə heç bir kəs yox idi. Onlar söyüd ağaclarının altı ilə keçib Sürxab qəbiristanına girdilər. Qəbiristanın üməra dəfn edilən tərəfinə getdilər. Yenə xidmətçilər adətləri üzrə kənarda durdular, hökmdar isə Təlienin məqbərəsinə daxil olub onu salamladı, hər gündə olduğu kimi onun kefini soruşdu və “mənim körpəm necədir?” – deyərək şiddətlə ağladı. Sonra da Təlienin sevdiyi çinli kənizin dastanını oxumağa başladı. Hökmdar adət etdiyi nümayişlərin hamısını həyata keçirdi, son adət isə, ağladıqdan, danışdıqdan, Təlienin körpəsinin kefini xəbər aldıqdan sonra yarım saat qədər oturub qəbrə baxmaqdan ibarət idi. Çünki daima Təliə yatdığı zaman hökmdar onun yatağının yanında oturub ona tamaşa etməyi sevərdi. Hökmdar sakit oturub qəbrə baxırdı, lakin gözlərini yummuşdu, o, xəyalında Təlienin torpaq altında yatdığını görürdü. Onun qulağı bir səs eşitdi. Bu, qarşıdakı məqbərədən eşidilən bir kişi səsi idi, o ağlayır və üzərinə yıxıldığı qəbir ilə danışırdı: – Sən məni xoşbəxt etmək üçün öz həyatını qurban verdin. Lakin mən hazırda dünyanın ən bədbəxt bir adamıyam. Vaxtilə mən böyük bir məmləkətə sığışmırdım, indi isə gecələmək üçün isti bir bucaq tapa bilmirəm. Mehriban ana, aç qollarını məni qucaqla! Artıq həyat mənim üçün ölümdən acıdır. Hökmdar başını qaldırıb səs gələn tərəfə baxdı. Səs gələn məqbərənin qapısında aşağıdakı yazıları oxudu: “Haza qəbri Qətibə bintü Əmir İnanc”. Hökmdarın dünyası dəyişdi, öz-özünə sual verdi: “Əcəba, Qətibənin qəbrində bu sözləri kim danışa bilər?! Onun Qütlüğdən başqa bir oğlu vardırmı?” Hökmdar bunları dedikdən sonra məqbərəyə tərəf irəlilədi, Qətibənin məqbərəsinə girdi, qəbrin üstündə zəif, üstü-başı tökülmüş və baş-gözünü tük basmış çox çirkli bir adam gördü. O həm ağlayır, həm də soyuqdan titrəyirdi. Hökmdar ona çox diqqətlə baxdı, o başını qaldırıb hökmdarı gördüyü zaman həyəcanla yerindən qalxdı və titrək bir səslə soruşdu: – Məni öldürməyəmi gəldin?! – O, qəti bir vəziyyət alaraq dedi: – Bir zaman mən dirilik üçün bir çoxlarının diriliyini əlindən aldım, indi isə ölüm tələb edirəm: öldür məni! Hökmdar qardaşını tanıdı, başını aşağı salıb yavaşdan: – Qardaşımsan, birinci kərə müharibə meydanında, ikinci kərə qəbiristanda görüşdük! – dedi. Hökmdar bu sözləri deyib məqbərədən çıxdı və xidmətçiləri çağırıb: – O məqbərədə duran adamı götürüb saraya gətirin – dedi və saraya qayıtdı. Gecə saat on ikidə xidmətçini çağırıb məqbərədən gətirilən adamın hüzuruna gətirməsinə əmr etdi. Hökmdar düşünürdü. İllərdən bəri hökmdarlıq arzusu ilə bütün məmləkəti rahatsız edən, minlərlə qanların tökülməsinə səbəb olan, hətta onun sevimli Təliəsini məhv edən Qütlüğ İnanc onun əlinə düşmüşdü. Düşünürdü, onunla nə cür rəftar etmək barəsində düşünürdü. Qütlüğ İnancı gətirdilər. Hökmdar onu başından ayağına qədər diqqətlə gözdən keçirdi və fikirli bir tövr alaraq: – Otur, otur, pəhləvan, ayaq üstündə durma! – dedi. Qütlüğ İnanc oturdu, gözlərini hökmdarın ağzına dirəyib nə deyəcəyini gözləyirdi. Nəhayət, hökmdar ona sual verdi: – Nə üçün Təbrizə gəldin? – Rica edirəm istintaq uzun çəkməsin, nəticədə mənim cani və təqsirkar olduğum meydana çıxacaqdır. Əmr edin mənim cəzamı versinlər, başıma gələnləri danışmağa taqətim yoxdur, xəstəyəm, həm də... Hökmdar onun ac olduğunu anladı və sual verdi: – Acsanmı? – Acam, neçə gündür ki, sudan başqa dilimə bir şey dəyməmişdir. – Nə üçün yeməmişsən? – Özümdə bir şey yoxdu, dilənməyi isə şərəfimə sığışdıra bilmədim. Qoy tarixdə deməsinlər ki, Cahan pəhləvanın oğlu bir qarın çörəkdən ötrü qapı-qapı gəzib dilənirdi. Hökmdar bu sözdən sonra hönkür-hönkür ağladı və xidmətçiyə əmr verdi: – Yemək gətirin! Şam yeməyini bir yerdə yemək istəyirm. Hökmdar Qütlüğü danışdırmırdı. Onun taqətsiz olduğunu hiss edirdi. Yemək süfrəsini saldılar, cariyələr içəri girib xidmət etməyə başladılar. Hökmdar əvvəlcə özü süfrənin başına gələrək Qütlüğü səslədi: – Süfrənin başına gəl. Sən hər nə olursan ol, yenə də Eldəniz xanədanının üzvlərindənsən. Bu süfrə sənin üçün yabançı süfrəsi deyil, bu mirasda sənin haqqın vardır, – dedi. Qütlüğ İnanc süfrənin başına gəlib bir qədər yedi və yenə də çəkilib bir tərəfdə oturdu. Hökmdar süfrədən çəkildi və Qütlüğə müraciətlə: – İndi danış görüm! – dedi. Qütlüğ söhbətə başlayaraq başına gələnləri danışdı: – Xarəzmşah Əlaəddin Təkiş və İraq məmləkətlərinə sahibləndikdən sonra öz müqaviləsinə əməl etmədi. Mən son dəfə Qəzvin altında məğlub olub çəkiləndən sonra acıqlandı və dedi: mənim Azərbaycan sərhədlərində qırdırmaq üçün artıq adamlarım yoxdur! Mənim sarayda qalıb əlverişli bir zaman gözləməyimi təklif etdi. Yalnız mənə deyil, ümumiyyətlə Sultan Təkiş sarayında yaşayanlara hörmət qoyulmurdu, çünki bizim kimi adamları müəyyən bir zamanda istifadə etmək üçün sarayda yedirib saxlayırdılar. Lakin Çingiz xanın Orta Asiyada görünməsi Sultan Təkişin təzə məmləkətlər əldə etmək fikirlərini darmadağın etdi. Zənnimcə, buna görə də Sultan Təkiş istifadə üçün sarayda saxladığı bir çox adamları saraydan çıxarıb xüsusi binalarda və karvansaraların hücrələrində yerləşdirdi. Bu kimi adamların yaşaması üçün buraxılan təxsisat çox az idi. Başqalarına nisbət mənim vəziyyətim olduqca çətin idi. Çünki mənim himayəmdə bir çox adamlar da var idi. Onları da yaşatmaq lazım idi. Son zamanlar sultan tərəfindən bizə buraxılan təxsisatı kəsdilər. Yaşadığımız binaların kirayəsini hökumət öz öhdəsindən atdı. Nəhayət, biz öz şeylərimizi satıb yaşamağa məcbur olduq. Mən bir neçə ayın içərisində tamamilə yoxsullaşdım, himayəmdə olanların da hər biri dağılıb bir tərəfə getdi. Mən özüm də uzun müddət o şəhərdən bu şəhərə köçdüm. Mərvdə, Nişapurda, Cacərm və Bəstamda illər uzunu səfil və sərgərdan dolaşdım. Nəhayət, bir daha öz iqbalımı sınamaq üçün Azərbaycana qayıtdım. Böyük ordular və minlərcə məncəniqlər gücünə ala bilmədiyim məmləkəti üzərinə tək başıma gəlməyə qərar verdim. Silah olaraq bir kamanım, tək bircə dənə də oxum qalmışdı. Son ümidim o kamana gəlirdi. Onu satmadım, çünki o kamanı rəhmətlik atam öz əli ilə mənim çiynimə salmışdı. Haman kamanla haman oxu götürüb Təbrizə gəldim. O oxu sənə atmağa and içmişdim. Səni Təbrizdə tapmadım. Ucan yaylasına gəldim. Sənin yaşadığın qəsrin qabağındakı xarabada gecələdim. Sənin hər axşam köşkdə oturub Səhənd dağlarına tamaşa etdiyini öyrəndim. Kamanı düzəldib özümlə bərabər gətirdim, son oxumu sənə atdım, lakin bədbəxtənə öz bədbəxt xalamı məhv etdim. Hökmdar onun sözünü kəsərək: – Xalanı məhv etdin, eyni zamanda məni də məhv etdin! – dedikdə, Qütlüğ: – Sən də məni məhv et. Rica edirəm məni bu səfil həyatın əlindən qurtar. Mən çoxlarını öldürmüşəm, ölümü asan bilirdim, lakin özümü öldürmək üçün cəsarətim çatmır. Hökmdar bir az düşündükdən sonra: – Səni iki səbəbə görə öldürməyəcəyəm, – dedi. – Əvvəla, səni hazırkı zamanda öldürmək, sənə yaxşılıq etməkdir. Sən bu yaxşılığa layiq deyilsən. İkincisi də, hökmdarlıq tarixində adımın qardaş qatili yazılmasını istəmirəm. İndi de görüm, səni Təbrizdə, kim evində saxlayırdı? – Mən heç kəsin evində yaşamırdım, gecələri məqbərədə anamın qəbrində yaşayırdım. – Kamanı kimə tapşırmısan? Onu satdınmı? – Xeyr, satmamışam. Məqbərənin bir bucağında basdırmışam. Hökmdar xidmətçiləri çağırıb əmr verdi: – Bu sat gedib Qətibə xatunun məqbərəsində bucaqda torpağa basdırılmış kamanı tapıb bura gətirin. Xidmətçilər getdilər. Hökmdar Qütlüğə tərəf dönüb dedi: – Səni Ələnciq qalasına göndərəcəyəm. Orası Sultan Təkişlərin sarayında daha şərəflidir. Çünki orası zindan olsa da, öz vətənindir. Vətənin zindanı isə yabançıların sarayından şərəflidir. Qütlüğ daha danışmadı. Başını aşağı salıb əllərinə baxmağa başladı. Kamanı gətirdilər, hökmdar alıb onun üstündəki yazını oxudu: “Cahan pəhləvandan oğlu Qütlüğə yadigar. Ox və kamanın qüvvəti qəlbin qüvvətindən asılıdır. Mehriban oğlum, bu kamanı dostuna yox, düşmənin qarşı işlətməlisən”. Hökmdar kamanın üzərindəki yazını oxuyandan sonra Qütlüğə sual verdi: – Sən atanın bu vəsiyyətinə sadiq qaldınmı? – Xeyr, sadiq qalmadım. Mən hazırda onu gəzdirməyə səlahiyyətdar deyiləm. * * * 1140–1225 Nüsrətəddin Əbubəkr öz sevimli qadını Təlienin ölümündən sonra məmləkətin idarəsini öz vəzirlərinə buraxıb sərxoşluğa başladı. O, bütün vaxtını şərab süfrəsinin başında və qadınının məqbərəsində keçirirdi. Buna görə də Azərbaycan məmləkətinin hüdudu get-gedə kiçilir və düşmənlər hər gün bir şəhəri alırdılar. Nüsrətəddinin şöhrət və pəhləvanlığı şərab və sərxoşluq çuxurlarında çürüdüyü zaman, Azərbaycan məmləkəti əleyhinə Şərqdə təzə bir ittifaq düzəlirdi. Marağa hakimi Qara Sunqar və Ərdəbil hakimi Müzəffərəddin ittifaq bağlamaqla Azərbaycanı işğal etməyə qərar vermişdilər. Artıq Nüsrətəddini nə qılınc, nə də qələm məsləhətləri ilə müdafiə edənlər var idi. Fəxrəddin və Əlaəddinlərin qılıncları qınında paslandığı kimi, böyük Nizami də gözlərini əbədi olaraq yummuşdu. Aran və Qarabağ atlarının kişnəmələri eşidilmirdi. Bağdad və Xarəzmi titrədən səslər Gəncə qəbiristanının torpaqları altında yatırdı. Qara Sunqarla Ərdəbil hakimi Müzəffərəddinin orduları hücuma keçdiyi zaman Nüsrətəddin Həmədan hakimi Aydoğmuşun adına bir məktub göndərib ondan kömək istədi. Lakin vaxtilə Eldənizin köləsi olan bu zat Azərbaycana kömək vermək istəmədi. Nəhayət, Nüsrətəddin ona ikinci bir məktub yazıb yalvardı: “Hazırda yabançılar mənim məmləkətimi qapmağa başlamışdır. Belə bir gündə mənə kömək verməmək, qədim hüquqları tapdamaq deməkdir, siz gərək babamın haqqınızda etdiyi yaxşılıqlarını unutmayasınız”. Nüsrətəddinin bu məktubundan sonra Aydoğmuş Marağa hakimi Qara Sunqara və Ərdəbil hakimi Müzəffərəddinə təhdid məktubları yazdı. Ərdəbil hakimi Müzəffərəddin bu məktubdan sonra qoşunlarını geri çağırdı. Qara Sunqar isə Aydoğmuşun məktubunu nəzərə almayaraq hücumunda davam edirdi. Buna görə də Aydoğmuş ilə Əbubəkr Nüsrətəddin birləşərək Qara Sunqarı Marağa altında sıxışdırdılar. Lakin Nüsrətəddin Azərbaycanın köhnə hüdudlarını əldə edə bilmədi. Yalnız Qara Sunqar öldükdən sonra Nüsrətəddin Marağa və Ravanduzdan başqa bütün qalaları əlinə aldı. Lakin o, yenə də öz sərxoşluğunda davam edirdi. O, Gürcüstan kralının gözəl qızına evlənəndən sonra da piyaləni əlinə aldığı zaman “Təliə, Təliə!” deyərək ağlayırdı. Nəhayət, xəyal xəstəliyinə tutularaq öldü və yerini kiçik qardaşı Özbəyə tapşırdı. Özbəyin səltənət sürdüyü günlər Azərbaycanın ən qarışıqlıq və harc-mərclik keçirdiyi zamanlara təsadüf edirdi. Çünki Özbəyin siyasət səhnəsinə çıxdığı zamanlar, Şərqdə Cəlaləddin Xarəzmşah kimi cahangir bir hökmdar aralığa çıxmışdı. Cəlaləddin öz məmləkətini Orta Şərq hesabına olaraq genişləndirə bilmirdi. Çünki Çingiz xan Orta Şərq ölkələrini bir-birinin dalınca işğal edirdi. Odur ki, Cəlaləddin üzünü Gürcüstan və Azərbaycana tərəf çevirmişdi. Təbriz alınandan sonra Özbək az bir qüvvətlə Gəncəyə çəkildi. O aranlıları öz ətrafında səfərbər etmək üçün Fəxrəddinin qəbrinə bir dəstə gül qoyaraq: – Əziz dayım, əzəmət və böyüklüyümüz səninlə bərabər torpağa basdırıldı. Aranlılara əmr et, qoy öz bacıları oğlunu müdafiə etsinlər, – deyirdi. Lakin Özbəyin hökumətini müdafiə etmək mümkün deyildi. Çünki Cəlaləddinin orduları Tiflisi qarət etdikdən sonra Aran tərəflərinə hücum etməyə hazırlaşırdı. Cəlaləddin Özbəyin mətanətini qırmaq və ruhunu düşürmək üçün yazdığı məktubunda deyirdi: “Sənin iki yolun vardır: onlardan birisi təslim, ikincisi intihardır. Təslim olmasan belə intihar etməyə məcbur olacaqsan, çünki sevimli qadının Mehricahan xanımla evlənmişəm. Bu günlərdə onunla bərabər Gəncəyə gəlib toyu sənin öz iştirakınla başlayacağam”. Bu məktubdan bir neçə gün sonra Cəlaləddin Gəncəni işğal etdi. Özbəyi əsir götürdülər. Cəlaləddin Gəncəyə girdiyinin ikinci günü təntənəli bir ziyafət təşkil etdirdi və Özbəyin hüzura gətirilməsinə əmr verdi. Ziyafət məclisinin yuxarı başında iki taxt qurulmuşdu. Taxtın birisində Cəlaləddin, ikincisində də onun qadını Mehricahan xanım oturmuşdu. Özbək öz qadını Mehricahan xanımı görməmək üçün başını aşağı salmışdı. Heç bir tərəfə baxmaq istəmirdi. Onu taxtın qarşısında ayaq üstündə saxlamışdılar. Cəlaləddin ona müraciət edərək dedi: – Səni ata-babanın günahları üçün cəzalandırmıram, ancaq öz təqsirlərin üçün cəzalandıracağam. Sən mənim atamın sağlığında Xarəzmin himayəsini qəbul etmişdin. De görüm, hansı bir qüsurum səbəbinə himayəmdən çıxıb üsyan etdin?! Ona görə də mən bu saatdan etibarən Eldəniz xanədanı dövrünə nəhayət verəcəyəm. Xanədanınızdan qalan körpələrinizə qədər məhv edəcəyəm. Cəlaləddin bu sözlərdən sonra cəlladı çağırıb Özbəyin boynunun vurulmasını əmr etdi. Lakin Mehricahan xanım ağlayıb Cəlaləddinə yalvardı, onu öldürməməsini rica etdi. Cəlaləddin Mehricahan xanımın ricasını qəbul edərək, vəzirinə əmr verdi: – Özbəyi ömürlük Ələnciq qalasına göndərin!.. * * * Ələnciq qalasında iki qoca əsir bir-birinə acı sərgüzəştlərini nəql edəndən sonra, qocalardan biri hönkür-hönkür ağlayaraq: – Bədbəxt qoca! Sənin qarşında oturan həmin bədbəxt Özbəkdir, – dedikdə o biri qoca da qollarını qarşısındakının boynuna salaraq üzündən öpdü və dedi: – Bədbəxt qardaşım! Sənin qarşında oturan da qardaşın Qütlüğdür. Otuz ildən bəri canavar kimi bu daş mağaralarda yaşamaqdan saçlarım ağardı. Özbəklə Qütlüğ bir daha qucaqlaşıb öpüşdülər, onların həftələrdən bəri bir-birinə danışdıqları dastan burada bitdi. * * * == Dumanlı Təbriz == Araz kənarında Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır. Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı. Yanları xəfifcə donmuş, bununla da ağ şərf kimi qumlar üzərinə döşənmiş bir çayın bir tərəfində Rusiya inqilabı qan dənizində boğulur, o biri tərəfində isə əzilmiş kütlələr, üsyan deyə, gözlərini açırdılar. Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmur, yenə də çar qamçılarının qorxusundan səsini çıxarmır və axırdı. Yağış şiddətlə yağırdı. Dekabrın buzlu yağışı havada donub özünü ovçu tüfənginin qırmaları kimi mürgüləməkdə olan çayın mavi yanaqlarına çırpırdı. Şiddətli küləklərlə gələn dekabr yağışları, Arazın köynəyini qaldırıb köksündəki balıqları göstərirdi. Lakin çay yenə də dinmir, yenə də çar jandarmlarının göz ağartmasını unuda bilməyənlər kimi görünürdü. Yağış Rusiyadan yeni keçən müsafirlərin hərəkətinə imkan vermirdi. Hər kəsin əynində nəyi vardısa buzlamış, vücudunu buzdan qayrılmış bir heykəl şəklinə salmışdı. Müsafirləri yağış çıxılmaz bir vəziyyətdə qoymuşdu. Hər kəs daldalanmaq üçün örtülü bir yer axtarırdı. Müsafirlərin bir qismi palçıq divarların dibində sıra ilə düzülmüşdü. Müxtəlif siniflərdən olan bu müsafirlərin birisi bürüncəyə, o biri yorğana, bəziləri də palaz və cecimə bürünmüşdü. Müsafirlərdən bir çoxu – bu dağılmışda heç vaxt sağlam bir hava görmədim – deyə Culfa mühitinə nifrət yağdırırdı. Mən bunların heç birinə əhəmiyyət vermirdim. İnqilaba başlamış bu kəndli ölkəsində, az da olsa inqilabdan bir nişanə olub-olmamasına diqqət yetirirdim. Bir kəndli iki böyük səhəngi xurcuna salıb uzunqulağının üstünə aşırmışdı. Çayçı dükanlarına su daşıyan bu gənc: «Əz-xuni cavanani-vətən lalə dəmidə» deyə oxuyurdu. Kəndlinin, doğrudan da, özünü inqilab qaldırmış bir məmləkətdə hiss etdiyi görünürdü, çünki bu sözləri eni əlli metrdən çox olmayan Araz çayının şimal tərəfində danışmaq olmazdı. Mən yanımda duran iki nəfər gənc qızın ölümcül halda titrədiyinə baxmayaraq, şadlanırdım. Özümü azad bir torpaqda hiss edirdim. Qızlar da köhnə bürüncəklərilə bərabər bir parça buza dönmüşdülər. Onlar nə fars, nə də türk qızı idilər. Rusca danışırdılar. Müsafirlərin gözü Culfa düzünün başında olan dağ burnuna dikilmişdi. Bununla bərabər, qızlara baxan və onları başdan-ayağa gözdən keçirənlər də az deyildi. Lakin qızlar bunların heç birinə əhəmiyyət vermirdi. Müsafirlər Dərədüz burnuna baxdığı üçün qızların da gözləri o tərəfə dikilmişdi. Uzaqdan görünən hər bir qaraltı üzlərdə böyük bir şadlıq oyadırdı. Fəqət bir az keçəndən sonra yenə də ümidsizlik doğuldu. Dağ burnunda toplanmış qaraltılar şimal küləyinin qarşısında müqavimət göstərmədən dağılıb gedirdi. Avtomobil gəlməyəcəyini bilirdim, çünki inqilab hərəkatı genişləndiyindən Culfa–Təbriz yolundakı hərəkətin qeyri-adi bir şəkil alacağı aydın idi. Bəzən avtomobilin həftələrlə gəlmədiyini də söyləyirdilər. Müsafirlər arasında cürbəcür səslər eşidilirdi: – Vallah mən bu dövlətlərin işinə lap məəttələm. İşə qarışıb beş-on nəfər lotu-potunu yerində oturtmurlar. İnqilab bizim nəyimizə gərəkdir? Məgər biz indiyə qədər azad deyildikmi? Ticarət dayanıb, alış-veriş, gediş-gəliş kəsilibdir. – Hərgah torpaq bizimdirsə, mən çox yaxşı tanıyıram. Bizdən heç bir şey çıxmaz. Verək urusa, ingilisə, qurtarsın getsin. Yoxsa belə getsə, torpaq və mülk saxlamaq da mümkün olmayacaq. – Canım, inqilab harada idi? Hamısı dinsizlik... Hamısı vələdüzzinalıq. Budur bax, hələ möhkəm inqilab olmamış bu günə düşmüşük. Yağışın altında qırılırıq. Kəlamüllaha and olsun! And olsun çağırdığım Hüseynə! Bunlar mədəniyyəti pozacaqlar. Nə ruhani tanıyırlar, nə halal, nə haram qanırlar. – Allah özü bunların cəzasını verəcək. Nəyimizə lazımdır məşrutə? Bir şey ki, Quranda yoxdur... Kimin nəyinə lazımdır?! – Bəlkə də, sizə lazım deyildir; çünki ehtiyacımız yoxdur. Amma bizə lazımdır. Bu cür səsləri çox eşidirdim. Yanımda duran gənc qızların səbri tükənmişdi. Kiçik qız böyüyə müraciətlə: – İraida, bu fəlakətin səbəbi sənsən. Mən İranı tarixdə də oxumaq istəməzdim, – deyə bacısını tənqid edirdi. Böyük qız onu sakit etməyə çalışaraq: – Darıxma, – deyirdi, – bizə burada bir qorxu yoxdur. Bura Rusiya müstəmləkəsidir. Hər bir rus burada hakimdir. Bunlar ən adi bir rusdan böyük Allahdan qorxduqları kimi qorxurlar. Kiçik qız çox acıqlandı: – Sus! – dedi. Rusca danışma. Müstəmləkə xalqının hakim millətləri görməyə gözü yoxdur. Mümkün olduqca rusca danışmağı burax. Şərqlilərin rusları görəcək gözləri yoxdur. Sən bilirsənmi biz haradayıq? Rusların xalqı son köynəyinə qədər soyduğu bir yerdə! – Bilirəm, bilirəm, bizə heç bir şey olmaz. Şərqlilər qadınlara, xüsusən sarısaçlı qızlara nəhayət dərəcədə ehtiram bəsləyirlər. Bunu mən bir çoxlarından eşitmişəm. – Bu bizim üçün daha da qorxuludur. Bunlar bizi gözləri ilə yemək istəyirlər. Bizi bunların əlindən nə kimi bir qüvvə qurtara bilər? Bu söhbətlərdən sonra böyük qız da titrəyir və ağlayırdı; o, artıq cavab vermirdi. Bunu görərkən kiçik qız onu məzəmmət etməkdən vaz keçdi və dedi: – Ağlama, İraida, hər nə olubsa keçibdir. Baxaq görən taleyimiz bizə nə verəcəkdir. Avtomobil gəlmədi. Ümid kəsilmişdi. Təbrizə getmək üçün faytonlar da vardı; qızlar bir-iki faytona yanaşdı. Fəqət onlar kimi tez getmək üçün bir çoxları tələsirdi. İyirmi nəfər tacir birdən faytonçulara para uzadırdı: qızlar isə həyacanla geri çəkilib, yenə də divarın dibinə sıxılırdılar. Görünür, qızlarla bir faytonda Təbrizə getmək üçün tacirlər bir-biri ilə rəqabətə başlamışdılar. Qızlar nə edəcəklərini bilmirdilər. Özlərini itirmiş, o tərəf-bu tərəfə boylanırdılar. Bunlar hansı tərəfə dönürsə, həris tacirlər də yaxalarını, üst-başlarını düzəldib qızların qarşısına keçirdilər. Qızlar bunların əlindən yaxa qurtarmaq üçün bir vasitə axtarırdılar. Faytonçularla tacirlər «barışnya, gedək» deməkdən yorulmurdular. Bir tərəfdən «sulanmış» gözlə baxan tacirlərin hücumu, o biri tərəfdən də yolların qorxulu olması xəbəri müsafir qızların ürəyini sarsıdırdı. Onlar dünyanın mərhəmət və yardımından ümidini kəsmiş adamlar kimi yarımağlar gözlərini adamların üzünə dikirdilər. Kiçik qız mənimlə tanış olmadığına baxmayaraq: – Bu yollardan iki qızın bir faytona minib Təbrizə yalqız getməsi mümkündürmü? – soruşdu. Mən bunlara nə cavab verə bilərdim? – Yalqız gedənlər də olur. Burası müsafirin özündən asılıdır. Məncə tək getmək məsləhət deyil, – dedim. Başqa bir sözüm yox idi. Qız yenə də soruşdu: – İnqilabçılar nə üçün bu yolları düzəltmirlər? – İnqilab, görünür ki, hələlik tamamilə qalib gələ bilməmişdir. Çünki yolların ətrafında məskən salmış xanları əzmək üçün çox vaxt lazımdır. Qızlar məndən qənaətləndirici bir cavab ala bilmədikləri üçün bir-birinin üzünə baxmağa başladılar. Kiçik qız yenə də sükutu pozub soruşdu: – Burada gecələmək üçün mehmanxana varmı? – Xeyr, yoxdur! – Bəs müsafirlər harada gecələyirlər? – Çayçı dükanlarında. Bəzən tanış tacirlərin və ya hökumət məmurlarının evlərində. – Əcəba, qadın müsafirləri ilə kişilər bir yerdəmi gecələyirlər? – Xeyr! Qadın müsafirləri olanda çayçı dükanının ortasından pərdə çəkirlər. Bu sözdən sonra aralığa yenə də sükut çökdü. Səs gəlməyirdi. Yağış da kəsilmişdi. Yağışdan əmələ gəlmiş gölməçələr piy kimi donmağa başlayırdı. Adamlar çamadan, xurcun, yorğan və döşəyini götürüb bir tərəfə çəkilməyə hazırlaşırdı. Çayçı Cəbrayılbəy və Nayib Məhəmmədhüseynin şagirdləri müsafirlərin arasına yayılıb «Yaxşı mənzilimiz var», – deyə qışqırır, müsafirlərin əlindən çamadanlarını qapırdılar. Bunun üstündə bir-birləri ilə rəqabət aparırdılar. Mən yanımda duran bir iranlıdan: «Bu rəqabət nə üçündür? Şagirdlər xalqı nə üçün zorlayıb şeylərini almaq istəyir?» – soruşdum. İranlı mənim üzümə baxıb: – Bunlar çayçı şagirdləridir. Hərgah bir kərrə, iki kərrə müsafir aparmazsa, dükan sahibi onu saxlamaz! – dedi. Bu halda iki nəfər çayçı şagirdi gəlib qızların şeylərini götürmək istəyirdi. Qızlar isə şeyləri əllərindən buraxmayırdılar. Mən işə müdaxilə edib bu uşaqları qızların ətrafından dağıtmağa müvəffəq oldum. Şeylərini götürüb gedən adamlar qızlara da getməyi təklif edirdilər. Öz qonaqlarını evinə aparmaq istəyən yerli tacirlər də vardı. Bunlardan Molla Həsən Məhəmmədzadə mənə yanaşaraq «yoldaşlarınızı da götürüb bizim bəndəxanaya buyura bilərsiniz» – dedi. Mən: – Bunlar mənim yoldaşım deyil,– dedikdən sonra Molla Həsən daha məni evinə təklif etməkdən vaz keçib, bir söz demədən uzaqlaşıb getdi. Bundan sonra daha başqaları yanaşdı. Yenə də mənim qızlarla tanış olmadığımı bilib əhəmiyyət vermədən getdilər. Müsafirlərdən çox az adam qalmışdı. Mən də şeylərimi götürmək üçün adam axtarırdım. Qızlar durduqları yerdə ayaqlarının birini qaldırıb o birini qoyurdu. Uzaqda durub bunların haraya getməsini öyrənmək istəyən tacirlərin də vəziyyəti belə idi. Onları da soyuq əldən salmışdı. Divarın dibində bir mən idim, bir də qızlar. Qızlar artıq ağlayır, bunu gizlətməyə çalışırdılarsa da bacarmırdılar. Bunların çıxılmaz vəziyyətdə qalması məni də düşündürürdü. Qızların salamat və rahat bir yerdə gecələməsi lazım idi. Bu isə İran Culfasında heç mümkün deyildi. Burada hökumət nə inqilabın əlindədir, nə də köhnə hökumətin. Bu yerlərin hakimi gəncəli Məhəmmədovlar, müvəkkilləri olan Hacı Hüseyn ağa, onun qardaşı Məşədi Məhəmməd Bağır, bir də Tağıdır. Bütün idarə bunların əlindədir. Bu isə bütün başıpozuqluğun birinci səbəbi idi. Kiçik qız bir daha mənə yanaşaraq soruşdu: – Əcəba, bizə yardım əlinizi uzadıb Rusiya sahilinə qayıtmağımıza kömək edə bilərsinizmi? – Əfv edərsiniz! – dedim. – Bu, heç də mümkün deyil. Körpü və tamojna bağlanmışdır. Sabah saat doqquza qədər oradan kimsəni buraxmazlar. Siz gərək avtomobil gəlib-gəlməyəcəyini Rusiya sahilində ikən öyrənib, sonra bu tərəfə keçəydiniz. * * * Günəş Şüca düzündəki dəvə karvanlarının başı üstündən ötüb Qardaş təpələrinin dalında gizlənməyə başlamışdı. Günəş çəkildikcə şimal qorxuları yenə də artırdı. Rus çar konsulu agenti Jarskinin cürbəcür paltarda olan xəfiyyələri dışarı çıxıb ətrafı köpək kimi qoxulayır və Rusiyadan İrana keçənlərin kim olduqlarını öyrənməyə tələsirdi. Hava getdikcə soyuyurdu. İran sahilləri yenə də arxasını şimalın buzlu küləklərinə vermişdi. Yenə şimal küləyi inqilabçı ölkənin qabırğalarına ox kimi sancılırdı. Şimalın xəfiyyəsi və şimalın küləyindən qorxan İran kəndlisi başını tısbağa kimi qınına çəkib həm küləkdən qorunmaq, həm də çar xəfiyyələrinə görünməmək üçün tez-tez sivişib qaçırdı. Poçt-teleqraf rəisi avtomobilin olmadığını eşidib məni evə qaytarmaq üçün gəlmişdi. Yanında kiçik oğlu ilə bərabər bir neçə poçt xidmətçisi də vardı. Şeylərimi götürdülər. Qızlar plaşa bürünərək bir cüt büt kimi durmuşdu. Donmuş plaşları bir-birinə toxunduqda xışıltısını uzaqdan eşitmək olurdu. Onları buraxıb getmək vicdanıma sığışmadı, onları da aparmağı qərara aldım. İstədim ki, İranda vəhşi və qadın düşkünləri varsa poçt rəisi kimi ziyalı və tərbiyəli adamların olduğunu da görsünlər. Yanaşaraq dedim: – Xanın evində gecələmək üçün gedirsinizmi? Xanın ailəsi sizi rahat edər. Xanımı da tərbiyəli və hörmətli bir qadındır. – Ev sahiblərinə zəhmət olmazsa, məmnuniyyətlə gedərik, – deyə onlar şeylərini götürmək istədilər. Poçt xidmətçiləri qızların şeylərini götürdülər. Dinc addımlarla sanki yeni həyata doğru irəliləməyə başladılar. Xanın qadını onları çox hörmətlə qəbul etdi. Qızları üst-başlarını qurutmaq və dəyişmək üçün xüsusi otağa göndərdi. Mən də başqa otağa keçib paltarımı dəyişdim. * * * Poçt-teleqraf rəisinin evində Qızlar tualetlərini düzəldib quru, təmiz paltarlarını geyindikdən sonra xanın qadını ilə bərabər salona çıxdılar. Zəngin Şərq salonunu ilk dəfə görürdülər. Salonda elektrik işığı yoxdu. Lakin lampa elektrik işığından daha işıqlı idi. Həris Qərb müəssisələri İranda elektrik işığı olmadığını bilməmiş deyildir. Bunun üçün də onların salonunda gözəl lampalar, lalələr, əzəmətli avizələr gündən-günə artmaqdadır. Salondakı böyük və yüz şamlı avizədən başqa masaların üstündə duran lampalar da bəzəkli bir gəlinə bənzəyirdi. Bütün qabların, lampaların, hətta xanın daim çəkdiyi qəlyanın da üstündə farsca belə bir cümlə oxunurdu: «Sifariş – Hacı Məhəmməd Cəfəri Büllurfüruş». Bütün qabların Hacı Məhəmməd Cəfər Büllurfüruş tərəfindən Avropa müəssisələrinə sifariş edildiyi aydın idi. Salonda qızların və mənim nəzərimi cəlb edən şeylərdən biri də silahlı inqilabçıların şəkilləri idi. Hər tərəfə Səttar xan, Bağır xan və sair inqilab qəhrəmanlarının fotoları vurulmuşdu. Qızların hər ikisi görmədiyi şeyləri diqqətlə nəzərdən keçirir və bir-birinə izahat verirdi. Çay hazır idi. Xidmətçi qadın samovarı masanın üzərinə qoymuşdu. Çayı xanın qadını hazırlayırdı. Stəkanları doldurduqdan sonra qızlara müraciətlə: – Xanımlar, çay masası yanına buyurunuz! – dedikdə qızlar sanki yuxudan oyandılar. Kiçik qız: – Əfv edərsiniz! – deyə əlini uzatdı və hamı ilə tanış oldu. Kiçik qız Nina, böyük qız isə İraidadır. Qızlar çay içir, yağlı və şirin çörəklərdən yeyirdilər. Məclis çox sakit keçirdi. Onlar bu sükutu pozmaq üçün sözü hansı yerdən başlayacaqlarını bilmirdilər. Biz də onların zövqünə uyğun bir söhbət aramaqda və fikirləşməkdə idik. Çox düşündükdən sonra Nina bu sükutu pozdu və üzünü nədənsə mənə doğru tutaraq söhbətə başladı: – Şərq evlərinin içərisi dışarıdan yüz faiz gözəldir, – dedi. Mən neçə dəfə qızların Şərq haqqındakı sözlərini eşitmişdim. Bunun üçün də qızın cavabını verməyə tələsdim: – Doğrudur, – dedim, – ümumiyyətlə, şərqlilərin zahiri bir çoxlarını qorxudur. Lakin onların daxili qayəl gözəl, zəngin və hiylədən uzaqdır. Zənn edirəm ki, siz Şərqdə, eşitdiyiniz mənfi cəhətlərdən başqa, bir çox müsbət işlərə də təsadüf edəcəksiniz. Kiçik qız nə dediyimi çox tez anladı. Səhvini düzəltmək istədi və dedi: – Bir çox avropalılar, hətta bizim özümüz də Yaxın Şərqi «Min bir gecə» nağıllarından öyrənmişik. Lakin bu doğru deyil. Bu məmləkəti dastanlardan öyrənmək və ya yeni bir ölkəni əski tarixi ilə müqayisə etmək səhvdir. – Təəssüf edirəm ki, Şərqi hər kəs belə tanıyır. Özünü Şərqin yaxın dostu adlandıran Pyer Loti belə, buranı lazımınca tanımadı. O bu sevdiyi ölkələri 1902-ci illərdə lazımınca gəzib qayıtdı. Yenə də rus şairinin sözlərini təkrar etməkdən başqa yeni bir söz deyə bilmədi. Kiçik qız rus şairi sözünü eşitdikdə tələsik soruşdu: – Əcəba, rus şairi Şərq haqqında nə demişdir? – Gözəl demişdir. Fəqət bu söz indi öz gözəlliyini itirmişdir. «Əlvan divana söykənmiş Tehran inci fəvvarələrin qarşısında oturub nargilə qəlyanların tüstüsü ilə mürgüləyir». Zatən bir çox şərqşünaslar İranı belə tanıyırlar. Onlar Şərqi nə qədər gəzirsə-gəzsin, yenə də Qərbə qayıtdıqda yaşıl qübbəli məscidlər incə və uzun minarələr, tağlar, örtülü bazarlar və açıq qəbiristandan başqa bir şeydən danışa bilmirlər. Lakin bugünkü Şərqi əski kitablardakı miniatürlərlə ölçən və səyyahların yazıları ilə öyrənmək istəyən adamlara gülmək lazımdır. Artıq soyuqdan çıxmış bədənlər qızışırdı. Uzun-uzadı söhbətlərə imkan var idi. Kiçik qızla bərabər salonu dolaşırdıq. Mən daima kiçik qıza «xanım» deyə xitab edirdim. Qız mənə nazikanə bir etirazda bulundu: – Mənə, sadəcə, Nina desəniz daha yaxşıdır. – Çox yaxşı! – deyərək gəzişməyə başladım. Nina pəncərədən üzərinə qaranlıq çökmüş Culfa yollarına baxaraq soruşdu: – Nə üçün hökumət bu yerlərdə mədəniyyət yaratmır? – Əvvələ, bu yerlər hökumətin deyildir. Bütün İranda xalisə torpaq çox azdır. Torpaqlar qoluzorbaların və hökumətin zəifliyindən istifadə edib pəncəsini hər tərəfə atan mülkədarların, kiçik dərəbəylərin əlindədir. İkincisi, belə bir quruluşda nə cür mədəniyyət yaratmaq olar? – Həmin bu Culfa kimindir? – Çar təbəələrindən gəncəli Məhəmmədovlarındır. Bütün avadanlıq onlarındır. İran hökumətinin burada yalnız bir tamojna binası, bir də məhəlli idarələr yerləşən kiçik binaları vardır. Buradan bir neçə kilometr uzaqda Şüca kəndi və daha uzaqda Gərgər və Ələmdar adlı iki kiçik şəhər də onların əlindədir. Bəs buna rəiyyətlər nə deyir? – Rəiyyət üçün heç fərqi yoxdur. Hər kəs olursa-olsun onlar soyulmağa hazırdır. Onlar üçün bəzən rus təbəəsi olmaq İran təbəəsi olmaqdan daha da əlverişlidir; çünki qoluzorba ağanın özü rəiyyəti nə qədər soyursa-soysun gündə bir bəhanə ilə gəlib kəndlini talan edən hökumət məmurlarının soyğunçuluğuna imkan verməz. – Əcəba, kəndlilər bu ağırlığın altında gözlərini açıb üsyana başlamırlarmı? – Mən eşitdiyimə görə Şüca kəndinin rəiyyətləri 8-ci ilin yanvarında böyük bir üsyan qaldırdılar. Üsyanı təşkil edən Haqverdi Məhəmmədovlar tərəfindən öldürüldükdən sonra üsyan yatırıldı. Hazırda torpaq da, günəş də, su da, hava da onların ixtiyarındadır. * * * Axşam yeməyi hazır idi. Qızlar əvvəlcə hansı yeməkdən başlamağı bilmirdilər. Bir-birinin üzünə baxıb dururdular. Şübhəsiz ki, onlar əlvan Şərq süfrəsini birinci dəfə görürdülər. Bunun üçün də xanın qadını onları yedirməklə məşğul olmuşdu. Yemək qurtardıqdan sonra pəncərənin qarşısında oturub Araz çayına baxırdıq. Gecə olduqca ayazdı. Rusiya sahilindəki elektrik lampaları ulduz kimi parlayırdı. Nina bu işıqlara baxaraq ixtiyarsız dedi: – Məncə, o işıqlar son işıqlardır, bu qaranlıq isə yeni ayaq basdığımız dünyanın əbədi qaranlığıdır. Nina öz içərisindəki nifrəti və Şərqə dair düşüncələrini bu sözlərində əks etdirirdi. Bir saat əvvəl demiş olduğu sözlərdən qəlbinin xəbəri belə yoxdu. Mən onun sözlərindən acıqlanmırdım. Onu xəfif təbəssümlərlə sakit etməyə çalışırdım. – İranı o qədər də qaranlıq bilməyiniz. Burada da işıqlı günlər görəcəksiniz. Şübhəsiz ki, İranı sevəcəksiniz. Gözəl təəssürat alacaqsınız. Sizi də sevəcəklər. Siz də sevəcəksiniz. Bura Şərqdir. Nə qədər ki, bura dastanlar, romanlar, min bir gecələr Şərqidir, nə qədər ki, əsrarəngiz Şərqdir, o qədər də yeni və üsyançı Şərqdir. Nina bu sözlərimə çox diqqətlə qulaq verirdi. Üzümə çox şübhəli baxaraq: – Siz iranlısınızmı? Bunu anlamış olsaydım sizinlə daha açıq danışardım, – dedi. – Açıq danışa bilərsiniz. Məcburiyyət yoxdur. Mən də müsafirəm. İkimizik. Kimsə yoxdur, – dedikdən sonra Nina sözünə davam etdi: – Əlbəttə, mən bütün İranı beş-on kişi ilə ölçə bilmərəm. Lakin bu gün gördüyüm kişilər hələlik «Min bir gecə»də oxuduğumuz kişilərdən o qədər də fərqli deyil. Bugünkü kişilərin hərəkəti mənə olduqca fəna bir təsir buraxdı. Bunların dili vardır, düşüncələri də vardır, gözləri də vardır, ancaq bütün bunlarla bərabər, nə qadını danışdırmağı, nə qadını anlamağı, nə də qadına bir insan kimi baxmağı bacarırlar. Bu kişilər, demək olar ki, tamamilə qadın düşgünüdürlər. Onlar bizə qarşı aldıqları vəziyyətlə, doğrudan da, ibtidai adamlardan daha geridə qalmış olduqlarını göstərirlər. Kişilər bizi gözləri ilə yemək istəyirdilər. Fürsət olsaydı, bəlkə, götürüb qaçardılar. Bu isə tam mənası ilə mədəniyyətsizlikdir. Nə üçün xan kimi ziyalılar bununla mübarizə aparmır? – Dedikləriniz doğrudur. İranlı kişilər qadınları çox sevirlər. Ümumiyyətlə, şərqlilərin bu barədə qanları istidir. Onlar xüsusən açıq və sarışın qadınları çox sevirlər. Bunun mühüm bir səbəbi vardır. Şərqdə qadın açıq deyildir. Kişilər öz qızı, öz qadınından başqa kimsəni görmür. Bunun üçün də onlar açıq, xüsusən avropalı qadına rast gələndə maraqlanmağa başlayırlar. Lakin onu da bilməlisiniz ki, onlar hər bir adi qadını görürkən hali-təbiisindən çıxmaz. Bu hallar ən gözəl qadınlara sevimli qızlara təsadüf etdikdə daha artıq zühura gələ bilər. Nina gülümsünərək: – Mən ki, gözəl və sevimli deyiləm! – dedi. Nina bunu söylədikdə qızarmış üzünü mənə çevirməklə məndən özü üçün nəsə verəcək bir cavab gözləyirdi. Kirpiklərini belə çalmadan mənə baxırdı. Şimallı qız Şərqdə özünün necə qəbul ediləcəyini, İrana ilk qədəm qoyduğu gündən öyrənməyə çalışırdı. Biz Nina ilə xeyli şirin-şirin danışdıq. Uzun söhbətdən sonra ikinci kərə tanış olduq. O öz tərcümeyi-halını qısaca olaraq söylədi. Hər iki bacı Təbrizdəki rus konsulu Millerin dəvəti üzrə Riqadan gəlib Təbrizə gedirlər. Nina musiqi müəlliməsi, bacısı İraida isə müəllimə idi. * * * Gecə saat on biri çalırdı. Hər iki qız xanın qadını ilə bərabər yataq otaqlarına getdi. Biz xanla bərabər oturub inqilabın gedişindən danışırdıq. Mən müsafirlərin rus konsulu Millerin dəvəti üzrə Təbrizə getmələrindən şübhələndiyimi xana söylədim. Xan da bunların rus casusu olduqları ehtimalını aralığa sürdü. Buna inanmaq da mümkün idi. Burada təəccüb ediləcək bir şey yox idi; çünki hələ inqilab başlamamışdan daha əvvəl çar hökuməti xəfiyyə dərsi keçmiş qadınları İran Azərbaycanının hər tərəfinə dağıtmışdı. İran xalqını öyrənmək və başçıların siməsını təyin etmək üçün çar Rusiyası qadınlardan lazımi qədər istifadə edirdi. Xüsusən əxlaqsız qadınlar çar jandarmlığının kəskin bir silahı hesab olunurdu. Azərbaycan şəhərləri, kiçik qəsəbələr belə əxlaqsız qadınların yuvası olmuşdu. Mehmanxanalarda yalnız bu kimi qadınları görmək olurdu. Hələ rus çar ordusu Şərqi İranı işğal etdikdən sonra bu iş daha da irəli getmişdi. Təbrizə və başqa yerlərə gedən əxlaqsız qadınları hərbi nəqliyyatla daşıyırdılar. Bu qadınları hökumət başında duranlar, tacirlər, mülkədarlardan başlamış mollalara, böyük müctəhidlərə qədər aparır, öz yanında saxlayırdı. Məsələn, rus konsulu Miller məşhur əxlaqsız Sonyanın vasitəsi ilə Mirzə Kərim ağa İmamcümə ilə əlaqə saxlayıb, onun hər bir hərəkətini öyrənirdi. Bu qadının İmamcüməyə məxsus Qızılca Meydan kəndində aylarla qalıb müctəhidi öyrənməsi və konsulxanaya xəbər verməsini çox adam bilirdi. Bu cür qadınların öz işini yaxşı görə bilməsi üçün rus jandarmının pulu ilə müxtəlif yerlərdə mehmanxanalar açılırdı. Jandarmlar, xəfiyyələr aça bilməyən işləri bu cür qadınlar vasitəsi ilə açmağa çalışırdılar. Biz hələ o qədər danışmamışdıq, Nina ikinci dəfə gülərək salona girdi: – Biz, – dedi, – çox yedik, çox içdik, çox danışdıq. Fəqət bu uzun və şirin söhbətlərin içərisində ən mühüm bir məsələ unuduldu. Biz sabah getməliyik, ya yox? Mən danışmadan xan bir ev sahibi kimi cavab verdi: – Qalmağa meyiliniz olursa, öz evinizdir. Getmək istəsəniz hazırlıq görüb yola salarıq. – Çox razıyıq. Bundan artıq zəhmət verməyə cəsarətimiz yoxdur. Bu gecə sizin qonaqcıl və məhəbbətli bir zat olduğunuz bizdə unudulmaz bir xatirə buraxdı. Biz bundan sonra İranı yalnız sizin kimi mərhəmətli və ziyalı adamların şəxsində xatırlayacayıq. Əgər mümkün olursa, sabah tezdən getmək daha yaxşıdır. Nina sözünü bitirdikdən sonra mənə yanaşaraq: – Əlbəttə, gedəcəyik. Lakin sizinlə birlikdə! – deyərək təkrar əlimi sıxdı. Qapıdan çıxarkən bir daha üzünü çevirib mənə baxdı, gülümsəyərək getdi. Doğrusu mən bu qızlarla Təbrizə getməkdən boyun qaçırmaq istəyirdim. Lakin bu mümkün olan iş deyildi; çünki onlar hər yollardan qorxurdular, həm də mənə qarşı şübhələr artacaq idi. İndi mən düşünürdüm. O nə üçün əvvəlcə getməkdən söhbət açmadı? Nə üçün yenidən qayıdıb gəldi; o nə üçün dönüb baxdı? Gülümsəməsi nə üçün idi? Bəs əlimi nə üçün təkrar sıxdı? Xan üzünü mənə çevirərək: – İş işdən keçibdir, – dedi, – bəlkə də, şübhəli adamlar deyildirlər, çünki çox gəncdirlər, inana bilmirəm. Hər halda diqqətli olmalısınız. * * * Təbrizə doğru Faytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər. Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da qüvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar. Faytonçumuz yekanlı olduğundan, bizi Yekan quldurlarının hücumundan müdafiə edə bilərdi. Bu məni bir qədər sevindirmişdi. Odur ki, yekanlı seyidlərin faytonu ilə başqa faytonların qiymətində çox fərq var idi. Hamı yekanlı faytonu ilə getməyə çalışırdı. Biz Culfadan bir az ayrıldıqdan sonra faytonçunun özü də bunu təkrar etdi. Qızlar da çox sevindilər. Doğrudan da, faytonlar 40 tümənə getdiyi halda mən faytona əlli tümən pəşin vermişdim. Çünki Təbriz bahalıq olduğundan Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi. Qarşımızdan keçən dəvə karvanlarını müsəlləh qüvvələr yola salırdı. Bütün bu kimi təşəbbüslər yolların qorxulu olduğunu göstərirdi. Hava hələ işıqlanmamışdı. Dərədiz daşları sanki bir qaplan kimi ağzını açıb şimaldan cənuba axan bu karvanları udmaq istəyirdi. Burada həm fayton atlarının, həm də dəvələrin boynundakı zənglərin səsi eşidilmirdi. Yol vuranlar karvan səsini eşitməsin deyə vaxt ikən atların, dəvələrin zəngini çıxarmışdılar. Yol uzundur. Danışmağa əsaslı və uzun söhbətlər lazımdır. Qızlar nə ilə maraqlanır? Tarixləmi? Qəzet xəbərləriləmi? Siyasətləmi? Eşqləmi? Burası məlum deyil. Öz-özümə «tarix zərərsiz bir söhbətdir» deyə söhbəti İran tarixinə keçirdim. İraida bu söhbəti diqqətlə dinləyir, Nina isə mürgüləyir, uzun kirpiklərini bir-biri üzərinə töküb otururdu. O, yalnız fayton daşlara toxunduğu zaman ayılırdı. Düz yerlərdə isə yenə mürgüləməkdə davam edirdi. Nina mürgüləməklə sanki söhbətimizə etiraz edirdi. Söhbəti gündəlik hadisələrə keçirməyə məcbur oldum. Hava işıqlanmışdı. Qəzetlərdən oxumağa başladım. Nina yenə də mürgüləyirdi. Nəhayət, İraida kiçik qızın bu vəziyyətindən pozulduğumu hiss edərək: – Bizim bu Nina çox qəribə bir qızdır, – dedi. – Bu heç bir şeylə maraqlanmır. Nə tarix, nə siyasət, nə qəzet, nə incə ədəbiyyat onun qulağına girmir. Buna yalnız romanlar ver; o da nə cür roman? Qəhrəmanlardan, çalıb-çapmaqdan, gizli təşkilatdan, vurub-yıxanlardan danışan romanlar. Nina yuxudan ayıldı. Gözlərini açdı. Əllərini bir-birinə sürtərək dedi: – Qəhrəmanlar hər kəs olursa-olsun, gizli təşkilat nədən ibarət olursa-olsun, az qüvvəti böyük qüvvətə qarşı qoyanlar nə məqsəd daşıyırsa-daşısın, mən bunları sevirəm və onların hərəkətindən maraqlanıram, hətta bəzən romanlarda oxuduğum məharətli casusları da sevirəm. Onlarda sənət və məharət vardır. Mən ölümlər önündən mərdanə və qorxmadan keçənləri də sevirəm. Saydıqlarım cəmiyyətin içərisində nadir və az tapılan simalardır. Bunları yalnız mən deyil, hər kəs və hər qız sevə bilər. Nina bu sözlərdən sonra əlini balaca çantasına atıb bir neçə kitab çıxardı. – Bax, əsər belə olmalıdır. Baxınız, mən bu cür ədəbiyyatı sevirəm. «Şerlok Xolms», «Yol kəsənlər kralı», «Üç tüfəngçi». Bunları hər bir gənc qız oxuyar və onun qəhrəmanlarına hörmət bəslər. Əsərdəki canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir. Bu kimi əsərlər qəhrəman yetişdirir. Nə sənət sahibi olursan ol, bunlar sənə təcrübə verər! Nina bu sözləri danışanda dişlərini bir-biri üzərinə basıb iki yumruğunu düydü və bütün vücuduna hərəkət verdi. Bu sözlərdən sonra onun dili qarnında bir qız olduğuna dair şübhəm daha da artmağa başladı. Nina şadlığından titrəyir, İraida ona gülür, mən isə bu müsafirətin nə kimi bir nəticə verəcəyi haqqında dərin-dərin düşünürdüm. Nə qədər böyük səhv etdiyimi xatırlayıb öz-özümə nifrət edirdim. Öz rəğbətimlə casuslar arasına girdiyimə acı-acı gülürdüm. «Nə edəcəksən? İş işdən keçmişdir. Yola çıxmışıq». Mənim başıma özgə fikirlər də girmişdi. Düşünərək öz-özümə deyirdim: – Doğrudan da, bu cür düşüncədə olan bir qız inqilabi təşkilatın əlində olursa nələr edə bilməz? Nə məharətlər göstərə bilməz? Gün çıxdı. Dərədizdəki çayçı dükanının qarşısında durduq. Faytonun səsinə çayçı dükanından bir çox silahlı adam dışarı çıxdı. Bunlar Şüca kəndinin inqilabçıları, gəncəli Məhəmmədovlara qarşı üsyan edən kəndlilər idi. Başçıları Ələkbər idi. Mən Ələkbəri görən kimi yaxın gəlməməsi və tanışlıq verməməsi üçün işarə etdim. O anladı. Yaxına gəlmədi. Faytondan düşdük. Qızlar çay içmək üçün dükana girməkdən qorxdular. Bayırda xalça açdılar, səhər yeməyini dışarıda yedik. Ələkbərlə tanış olduq. Sanki bunları heç tanımırdım. «Bunlar yolların qarauludur», deyə qızları sakit etdim. Ələkbərdən lazımi sözləri soruşdum və lazımi sifarişləri də aldım. İraida mənim özümdən də şübhə etməyə başlamışdı. Onlar gördükləri müsəlləh qüvvələr haqqında məlumat toplamaq üçün süni adımı tez-tez təkrar edirdilər. Nina mənə çox maraqla baxır, mənim bu müsəlləh qüvvə ilə tanış olduğuma sanki böyük əhəmiyyət verirdi. * * * Səhər yeməyi bitdi. Yola düşdük. Ələkbər atlanıb bir neçə yoldaşı ilə bizi dar keçidlərdən yola salmağa gəldi. Qızlar onların nə üçün gəldiyini soruşdular. Bununla Nina daha artıq maraqlanırdı. – Bu atlılar bizi nə üçün yola salır? – dedi. – Bunların vəzifəsidir. Müsafirləri qorxulu yerlərdə müşayiət üçün hökumət bunlara maaş verir, – dedikdə qızlar çox təəccüblə bir-birinə baxdı, Nina isə: – Hökumət əcəb qeydəqalıcı hökumət imiş. Elə isə bu yollardan getmək çox da qorxulu deyil, – dedi. – Elədir. Fəqət bəzən bədbəxt hadisələr də baş verə bilər. Faytonçumuz Novruz Səttar xana qoşulan sözlərdən oxuyurdu. Qızlar bu sözlərə yox, Şərq mahnısına əhəmiyyət verirdilər. Novruz isə özünəməxsum bir ahənglə mahnısını oxumaqda idi: Səttar xanım, İsmayıl xan oğluyam, Böyük inqilabın cavan oğluyam! Sarıldım silaha, canımdan keçdim, İnqilab camının şərbətin içdim. Yeddi-səkkiz iyid yoldaş da tapdım, Kəhər atı minib səngərə çapdım, Ordular dağıdıb fevclər yıxdım, Təbrizi o başdan bu başa çıxdım. Əmrəxiz, Xəyaban, Leylava, Surxab, Şəşgilan, Maralan, Dəvəçi, Əhrab, İsmayıl xan oğlu Səttar xan deyir, Zərbimi, şəstimi tərif eləyir! Faytonçu Səttar xanın nailiyyətlərindən oxuduqca mən qızlara tərcümə edirdim. Nina bununla çox maraqlanırdı. Nəhayət, məndən soruşdu: – Doğrudanmı Səttar xan hökumətə qarşı fəaliyyət göstərən təşkilatı səkkiz-doqquz adamla düzəltmişdir? Nina bunu söylədikdə onun gözünün bəbəklərində gəncliyin incə xüsusiyyətləri oynayırdı. Mən Səttar xandan ona daha bir neçə söz söyləyib dedim: – O, çox cəsarətlə aralığa atıldı. Az qüvvətlə meydana çıxdı; fəqət sonra bir çoxları onun ətrafına toplandı. Hökumətdən bütün narazı qalan ünsürlər də ona qoşulub hökumətə qarşı mübarizəyə başladı. – Mən Səttar xan kimi adamları kitablardan aramaqdayam. İndi isə onu mənə həyatda göstərə biləcək bu şəhərə gedirəm. Söhbətimiz uzun çəkmişdi. Mərənd şəhəri ilə Culfa məbri arasında vaqe olan – Circir kəndinə yetişmişdik. Burada çayçı dükanı vardı. Faytonçular atlarına yem verirdilər. Mən Hafiz əfəndini görəcək idim. Gözləmək lazım idi. Yemək şeyləri yox idi. Yalnız pendir və qatıq vardı. Qızlar da, mən də heç bir şey yemək istəmədik. Yalnız çay içdik. Dükanda mərsiyə oxuyub ağlayırdılar. Ağlayanların bir çoxu mollalar idi. Qızlar bu kütləvi ağlayışdan heyrətə düşdülər. Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim. Circir Zunuz şəhərinin qoludur. Bu balaca şəhər mərsiyəxanla doludur. Məhərrəmlik ayında bunlar Qafqazın hər tərəfinə dağılıb xalqı ağladır, pul toplayırlar. Burada hamballar, hətta çobanlar belə mərsiyə oxuyurlar. Əlbəttə, qızların buna heyrət etməməsi mümkün deyil idi. Bir azdan sonra Hafiz əfəndini gördüm. O, mənə inqilabçılardan şikayət edirdi: – Mən bir inqilabçıyam, – deyirdi. – Fəqət insan qanının tökülməsinə razı deyiləm. Bu iş kütlələri inqilab əleyhinə qaldıra bilər. Xüsusən Rəhim xan oğlu Böyük xanın Culfa–Təbriz yolunu kəsib inqilabı boğmaq istədiyi xəbəri əks-inqilab qüvvələrini daha da canlandırır. Mən Hafiz əfəndinin bu sözlərindən onun dinçi olduğunu anladım və bir neçə söz deməyi lazım bildim: – İnqilabı müdafiə üçün hər nə tələb olunursa, icra edilməlidir, – dedim. Daha artıq söz söyləməyə imkan yox idi. Quranı hifz etmiş, buna görə də Hafiz əfəndi ləqəbini almış bir adamdan, bundan artıq heç bir şey tələb etmək olmazdı. Onunla vidalaşıb keçdik. Gün batırdı. Mərənd şəhərinə yaxınlaşırdıq. Qarşımızda bir dəstə atlı göründü. Qızlar qorxdular. İnqilabçılar idi. Dəstənin başında duran Aydın paşa adında bir nəfər karslı idi. Aydın paşa qardaşı İbrahimbəy Cahangirovla bərabər İran inqilabında ciddi iştirak edirdilər. Aydın paşadan Heydər Əmioğlunu (Heydər xan) soruşdum. Onun Xoyda olduğunu və Maku qüvvəsi qarşısına qüvvə hazırladığını söylədi. Aydın paşa məni kənara çəkdi. O, Səttar xanın sosial-demokrat rəhbərliyindən razı qalmaması və özbaşına işləməsini, bununla da başıpozuqluq törənməsini xəbər verdi. Mən buna inanmadım, çünki bunların qatı millətçi və dinçi olduqlarını bilirdim. Aydın paşa türklərin də bu inqilaba məhəbbət bəslədiyini və lazım olursa canlı qüvvə ilə kömək edəcəklərini xəbər verib şadlandı. Səlmaslı Səidin Van şəhərinə getdiyini və bu dostluğun yaxşı nəticə verəcəyini deyərək ayrıldı. Yolumuza davam etdik. Nina yenə də soruşdu: – Siz hamını tanıyırsınız. Sizi də hər kəs tanıyır. Təəssüf olsun ki, buraya qədər yoldaşlıq etdik, lakin sizin kim olduğunuzu bilmədik. Bu isə bizim üçün təəssüf ediləcək bir haldır. Bizə bu qədər əhəmiyyət verən, bizi çətinlikdən qurtaran bir adamı tanımamaq bizim üçün, doğrudan da, bir nöqsandır. Mən bu sözləri cavabsız buraxa bilməzdim, çünki məni öyrənmək istəyən qızın haqqımdakı şübhələri daha artmış olurdu. Cavabını verdim: – Çox az sərmayə ilə ticarət edirdim. Çox yaxşı qazanırdım. Son zamanlarda işim tamamilə düzəlmişdi. Lakin Təbriz–Culfa yolları şuluq olduğundan ticarət karvanlarını tez-tez talayırlar. Bütün var-yoxumu apardılar. Siz gördünüz ki, karvanlar ancaq müsəlləh qüvvə ilə hərəkət edə bilir. Bu isə hər bir xırda tacirə mümkün deyildir. Nə isə, indi əlimdə bir şey qalmamışdır. Gedən mallarımın haqqında çalışmaq üçün Təbrizə gedirəm. Qızların hər ikisi düşündü. Təəssüf etdilər. Nina çox mütəəssir bir halda: – Bəlkə də, rus general-konsulu sizə yardım göstərə bilər, – dedi. – Mümkün olduqca mən çalışaram. Bəlkə, sizi konsulun yanına da apara bilərəm. – Çox təşəkkür edirəm. – Bu atlılar kimdir? – Bunlar mülkədarlar və xanların atlılarıdır. Bunlar mülkədarların əmri ilə silah altına yığılan kəndlilərdir. Hər kəsin atı özünündür. Silahlar isə ağanındır. Atların və atlıların gündəlik məsarifinə gəldikdə, olduqları və getdikləri yerlərdə rəiyyətlərin öhdəsindədir. – Mülkədar və xanlar bunları nə üçün saxlamışlar? – Bunlar ağaların kənd üzərindəki hüququnu müdafiə edir. Məcburi vergiləri və fövqəladə qanunları həyata keçirir, kəndli üsyanlarını boğur, eyni zamanda qonşu mülkədarla ixtilaf çıxdığı zamanda müsəlləh vuruşmaya da çıxırlar. – Bəs hökumət buna nə deyir? – Hökumət bunların özüdür, çünki torpaq da, rəiyyət də bunların ixtiyarındadır. – Hazırkı inqilab bunun üstündəmi gedir? – İnqilabın səbəbləri ilə çox tanış deyiləm. Ehtimal ki, başlıca səbəblərdən birisi də budur. – Elə isə inqilab hərəkatı çox güclü və mütəşəkkil bir surətdə getməlidir, çünki kütlə çox böyükdür. Böyük qız Ninanın sözünü kəsib qəti bir baxışla sözə başladı: – Hərgah vuruşmalar torpaq üstündə isə çox uzun çəkəcəkdir. Bu ixtilaf Avropada çox uzun bir zaman hökm sürmüşdür. Lakin bu yerin şəraitini bilmədiyim üçün bu xüsusda yenə də qəti bir söz deyə bilmərəm. – Torpaq məsələsi burada bambaşqadır. Torpaq üstündə başlanan bu hərəkatın boğulmasına yalnız mülkədar, hökumət deyil, eyni zamanda ruhanilər də kömək edirlər. – Bu nə üçündür? Ruhaninin torpaqla nə kimi əlaqəsi vardır? – İranda ruhaninin özü də mülkədardır. Bunun üçün də mülkədar və müctəhidlər hər bir torpaq hərəkatının boğulması işində birinci rolu oynayırlar. Belə bir şərait ortalıqda ikən torpaq üstündə heç bir inqilab ola bilməz, çünki kəndlilər də avamdır. Kəndlilərin bir çoxu yalnız torpaqla deyil, din və əqidə cəhətincə də mülkədar müctəhidlərə bağlanmışlar. Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz, çünki belə bir halda onlar təqlid etdikləri müctəhidin əleyhinə qalxmış olacaqdır. İranda başqa bir hal vardır ki, o da bütün torpaqların hakimi olan padşahın kənd alması və özünü bir mülkədar şəklinə salmasıdır. Bu vəziyyətin özü də torpaq məsələsinin həll olunması işində əngəl törədir. Heç bir kəs bu məsələni aralığa atmağa cürət etmir, çünki hərəkatın heç bir yerdən kömək ala bilməyəcəyini anlayır. Məsələn, bugünkü Məhəmmədəli şahı götürmüş olursaq, yalnız Azərbaycanda əlliyə qədər kənd almışdır. O, bir tərəfdən padşah, o biri tərəfdən də böyük mülkədardır. Bunun üçün də İranda başlanacaq üsyanlara və torpaq üstündə çıxacaq hər bir hərəkata qarşı güclü bir qüvvə qoyulur: padşah, ruhani və mülkədar. Bu səbəbdən də İrandakı torpaq məsələsini Avropada başlanmış torpaq ixtilafı ilə müqayisə etmək çətindir. Nina əllərini bir-birinə vurub: – İran xalqı nə qədər avam və məzlum xalq imiş? – dedi. – Sonra yenə də mənə müraciətlə sözünə davam etdi: – Əbəs yerə siz deyirsiniz ki, mən inqilabın səbəblərini bilmirəm. Siz İranı çox yaxşı tanıyırmışsınız. Sizin məlumatınız heç də tacir biliyinə bənzəmir. Məncə, tacir heç vaxt bu kimi incə nöqtələrlə maraqlanmaz. Tacir ancaq iki şey bilər: o da zərər, bir də mənfəət. Siz isə siyasi məsələlərdən danışırsınız. – Mən kim və nəçi olduğumu isbat etmək üçün sizi rahatsız etməyəcəyəm. Mən İran tacirləri ilə çox görüşmüşəm; onların çoxu da məşrutəçi sosial-demokratlardır. Bunu başqaları da mənə söyləmişdir. Mən eşitdim ki, hətta inqilabın rəhbərliyi də proletar əlində deyildir. Mən bu cür alış-verişçi inqilabçıların sosial-demokratlığı öz mənafelərinə uyğun bir şəklə salmaq istədiklərini də eşitmişəm. Əlbəttə, bu kimiləri torpaq inqilabı baş verdiyi vaxt İran kəndlisini də atar və sata da bilər. – Əcəba, həqiqi inqilabçılar nə işlə məşğuldur? Deyə bilmərəm. Onların içərisində olmamışam. Mən ancaq bunu deməliyəm ki, bu inqilaba yalnız sosial-demokratlar deyil, onlarla heç bir əlaqəsi olmayan ünsürlər də qoşulmuşdur. – Nə üçün? Əcəba, bunları həqiqi sosial-demokratlar nə üçün öz sıralarına buraxır? – İnqilabçıların, məncə, bu cür işləri araşdırmağa vaxtı ola bilməz. İnqilabçı sosial-demokratlarla əlaqəsi olmayan xırda burjuaziya belə, bu inqilaba qoşulmuş və hərəkatın güclənməsinə yardım etmişdir. Hətta şahdan, yerli hökumətdən, əks-inqilab sırasında gedən nüfuzlu adamlardan da narazı qalanlar Səttar xan hərəkatına yardım etmişdir. – Ola bilməz! – Hər yerdə olduğu kimi, burada da olurmuş. Məsələn, mən belə bir şey eşitdim. İndi icazə varsa, eşitdiklərimdən birini deyim. İndiki padşah bir az əvvəl Təbrizdə vəliəhd olduğu vaxt Mir Manaf adlı məşhur bir sərrafın kiçik oğlunu apartdırıb namusuna toxunmuşdu. Mir Manaf böyük tayfalı bir adamdır. Tayfası da xırda bankirlərdən ibarətdir. Bunlar Məhəmmədəlidən intiqam almaq üçün əlverişli bir vaxtı gözləyirdilər. Nəhayət, o vaxt yetişdi. Kütlələr Məhəmmədəliyə qarşı üsyan qaldırdılar. Mir Manaf da öz tayfası ilə bərabər bu hərəkata qoşuldu. Doğrusu, mən bu məsələ ilə çox maraqlanıram. Təbrizə getsəm, bunu lazımi qədər öyrənməyə çalışacağam. Amma, deyilənlərə görə, hazırda inqilab genişləndiyi və ümumi mənafeyi yerindən sarsıtdığı üçün Mir Manafla bərabər bir çox xırda burjuaziya və ruhanilər də əks-inqilab qərargahına keçmişlər. Burasını da Təbrizdə öyrənməliyik. Hər halda mən indi bilirəm ki, bu inqilab çox maraqlı bir şeydir. Söhbət çox dərin getmişdi. Mən hiss edirdim ki, qızların düşüncəsi bu sözləri əhatə edə bilmir və mənimsəməkdə aciz qalır, çünki Nina çox dərin düşüncəyə dalmışdı. Mərənd şəhəri görünürdü. Hər birimiz şəhərin ətrafını, bağları və şəhərdənkənar xırda məhəllələri gözdən keçirirdik. Söhbətin arası kəsilmişdi. Küçələrə girdikdə böyük-kiçik faytonumuzun ətrafına toplaşmışdı. Yorğun atlar çox yavaş gedirdi. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər. Çox qəribə səslər eşidirdik. – Məhəmmədağa, matuşkalara bax! – Ağabala, qoyma gəldi. – Böyükağa, maldı ha! – Ağabala, oyandakına bax! – Məhəmmədağa, əsl mən deyəndir... Bu cür səslərdən çox eşidirdik. Eşidilən səslər göstərirdi ki, Mərənd şəhərində Ağabala, Məhəmmədağa, Böyükağa adını daşımaq çox böyük adətdir. Bizi Şüca Nizamın mehmanxanasına qədər yola saldılar. Şeylərimizi götürüb pillədən yuxarı çıxıncaya qədər «matuşkaya bax» səsini eşidirdik. Mehmanxana çox təmiz deyildi. Lakin yenə də rahat olmaq üçün əlverişli idi. İki otaq götürdük. Şam etmək və çay içmək üçün qızlar da mənim otağımda idilər. Samovar qaynaya-qaynaya gətirildi. Çaya lazım olacaq şeylərin hər birini bir adam gətirirdi. Şeyləri gətirənlərin hər birisi müəyyən bir söz soruşmamış geri qayıtmırdı. Örtülü istintaq bitəndən sonra biz çay içməyə başladıq. Fəqət yenə də qapını açıb örtənlər vardı. Bunlardan hamısı Şüca Nizamın (Mərənd general-qubernatoru) xəfiyyələri idi. Təbrizə nə kimi adamlar getdiyini öyrənməyə çalışırdılar. Çaydan və yeməkdən sonra vəsiqələri də yoxlamağa gəldilər. Qabaqca qızlar öz vəsiqələrini verdilər. Vəsiqə yığanlar oxuya bilmirdi. Oxumaq üçün mənə təklif etdilər. Oxudum, rus konsulxanasına getdiklərini söylədim. Ehtiram etdilər. Başlarını əyib «əfv edin» deyə bayıra çıxdılar. Mənim vəsiqəmi soruşmadıqları kimi, daha qapını da tez-tez açıb baxmaqdan vaz keçdilər. Səhər tezdən qalxıb yola düşmək lazım idi. Axşam yeməyini saat 10-da bitirib yatmağa hazırlaşdıq. Qızların otağı möhkəmdi. Mənim otağımla yan-yana idi. Qorxmurdular. Qapını içəridən bağlayıb yatdılar. Otaqların kirayəsini və yemək xərcini axşamdan verib otağımıza qapandıq. * * * İnqilab məntəqəsində Mərənd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büsbütün başqa idi. Bu yol Mərənd, Xoy, Səlmas, Urmi və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə araba karvanları ilə doludur. Faytonumuz o tərəf-bu tərəfə burulmaqla bu sıx karvanları yarıb keçməyə məcbur olur. Karvan xalqından bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə artıq inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərənd şəhərindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik: Təbrizdə var inqilab, Məmdəli, dinmə, get yat. Get özünə kömək tap, Yorğanı sazla, ört yat. Al kömək ingilisdən, Məmdəli, dinmə, get yat. İstə kazak, urusdan Məmdəli, dinmə, get yat. Get Lyaxova yalvar, Məmdəli, dinmə, get yat. Təbrizdə Səttar xan var, Məmdəli, dinmə, get yat. Məmdəli, dinmə, get yat, Konsul göndərər soldat. Təbrizi Tehrana sat, Məmdəli, dinmə, get yat. Bu kimi mahnıları qadınların da bəziləri oxuyurdu. Artıq bu yerlərdə inqilabçıların qarovul postları da nəzərə çarpırdı. Bu postların nə üçün qoyulduğu bəlli deyildi. Bunun inqilabı müdafiə üçün heç bir əhəmiyyəti ola bilməzdi, çünki bunlar nə vəsiqə yoxlayır, nə də Təbrizə gedənlərin kimlər olması ilə maraqlanırdı. Ara-sıra səyyar qarovul dəstələrinə də təsadüf edirdik. Lakin bunlar da bir şey soruşmadan keçib gedirdi. Mən bütün bunları nəzərdən keçirirkən düşünürdüm: İranda parlayan inqilab qığılcımı Rusiyada baş vermiş olan beşinci il inqilabının təsirini hiss edir. Bilmirəm, bu qığılcımı böyüdüb bir yanğın şəklinə salmaq mümkün olacaqdırmı? Mən bu fikirdə ikən Sofyan kəndinə yetişdiyimizi gördüm. Qızlara burada nahar etməyi təklif etdim. Onlar da acmışdı. Çayçı dükanının qabağında dayandıq. Yemək istədik. Yağ, pendir vardı. Dükançı tirlərdən asılmış üzümlərdən endirdi, yuyub yanımıza qoydu. Faytonçumuz Novruz bizi tələsdirirdi. Yemək-içməyi tez bitirdik. Özümüz də Təbrizə tez yetişməyə tələsirdik. Təbriz şəhəri artıq qalın dumanların altından görünməyə başlamışdı. Şəhərin arasında vaqe cəsamətli və heybətli olan ərk binası, uzaqdan bir kibrit qabı kimi görünürdü. İndi də həmişəlik İran inqilabına təkan verən Təbriz, dumanların kölgələri altında gizlənib sanki mühüm bir hadisənin xəbərini verməyə hazırlanırdı. Nina Təbrizi uzaqdan görür, onu gah Peterburq, gah Moskva, gah da Riqanın böyüklüyü ilə müqayisə edirdi. Mənə deyirdi ki: – Bilmirəm bu böyük şəhərdə bir-birimizlə görüşmək mümkün olacaqdırmı? – Mən Təbrizdə qalmalı olsam, bəlkə də, görüşmək mümkün olar. – Əcəba, siz məni unuda biləcəksinizmi? Ninanın bizi deyil, məni deməyi mənə qəribə göründü, çünki biz ikigünlük səfərimizdə işi bu qədər dar və müəyyən bir çərçivə içərisinə salmamışdıq. Mənə ki bir şey məlum deyildi. Qız «məni unudacaqsınızmı?» deyə sual vermişdi, cavab verməyə bilməzdim. – Mənim sizi unudub-unutmamağım hadisələrlə dolu olan mühitimizin verəcəyi imkanlardan asılıdır. – Siz ki, hazırkı hadisələrlə əlaqədar deyilsiniz. – Doğrudur, əlaqədar deyiləm. Ancaq ümumi bir hadisənin ağırlığını ümum xalqın çəkməli olduğunu da unutmaq olmaz. – Doğrudur, inqilabçı bir məmləkətdə bitərəf qalmaq da çətindir. Nina bu sözünü bitirərkən çox diqqətlə gözlərimin içinə baxıb təkrar etdi: – Belə deyildirmi? Özünüz söyləyiniz! Mənim əvvəlki şübhələrim yenə də coşmağa başladı. Ninanın məni öyrənmək həvəsi get-gedə artırdı. O, gözlərini mənim gözlərimdən heç də götürmürdü. Tez-tez əlimi tutub deyirdi: – Özünüz söyləyiniz! Belə deyildirmi? – Lakin mən Təbrizə yeni gedirəm. Gələcəkdən xəbər verə bilmərəm. Ninanın göz bəbəkləri oynadı. Onun gənc ürəyi cazibəli gözünün halqasından mənə baxmağa, məni daha başqa fikirlərə yol verməyə məcbur etdi. Cəsarətli bir səslə: – Mən sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvənin tərəfində, – dedi. – Az bir qüvvə ilə çoxlara qarşı mübarizə aparanların tərəfində! Səttar xanım tərəfində! – Bəs nə üçün Səttar xanın tərəfində? – deyə soruşdum. – Çünki qəhrəmanlar yalnız az qüvvənin içərisindən çıxır, qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin içərisindən çıxar. Ninanın bu sözündən sonra daha danışmaq istəmədim, çünki məsələmiz nazik və çıxılmaz bir mərkəzə varmışdı. Mən yenə də onların musiqi müəllimləri deyil, konsulun sifariş verdiyi xüsusi casuslar olduğuna inanmağa başladım. Bundan sonra olan söhbətlərimiz tamamilə adi və mənasız məsələlərdən ibarət oldu. Ninanın özü də mənim dərin düşündüyümü gördüyündən söhbətin istiqamətini dəyişmişdi. O, nə olursa-olsun məni danışdırmaq istəyirdi: – Səfərimiz iki gün oldu. Bu axşam üçüncü günə keçəcəkdir. Fəqət biz sizin ailəli olub-olmamağınıza dair heç bir şey öyrənə bilmədik. Doğrudan da, evlisiniz? Söhbətimiz bir-birinə yeni rast gəlmiş qadın və kişi söhbəti rəngini almışdı. Mən doğrusunu söylədim: – Evli deyiləm. – Nə üçün? İndiyə qədər bir kimsəni sevmədinizmi? Heç ola bilməz! Ninanın sözlərində, üzündə və bütün hərəkətində özünü istətmək istəyən bir qızın arzusu duyulurdu. Cavab almamış, suallar yağdırmaqda davam edirdi: – Doğrusunu deyin, kimsəni sevmədinizmi? Bəzi kişilər vardır ki, vaxtında evlənməzlər. Onlar elə bir yaşda evlənirlər ki, nə onlar qadına, nə də qadın onlara lazım olur. Məncə, kişilər bununla özlərini ailə ağırlığından azad yaşatmağa çalışırlar. Lakin bir az keçəndən sonra kişilər buna əməl edə bilmirlər. İndi siz səmimi bir surətdə söyləyiniz görüm, siz bu müddətdə heç bir qızı sevmədinizmi? Hərgah sevmişsinizsə, nə üçün onlardan birisini yoldaşlığa almamışsınız? – Sevmişəm, – dedim. – Yenə də sevə bilərəm. Lakin məni sevən olmamışdır. Buna görə də evlənə bilməmişəm. – Bu səmimi olmadı. Mən buna heç də inana bilmərəm. Sizi hər bir ağıllı qız sevə bilər. Çox gözəl bir gəncsiniz. Həm də siz qadın yanında özünüzü bir qərbli kimi apara bilirsiniz. Sizin hər bir xasiyyətiniz gözəldir. – Yanılırsınız. Məncə, ən gözəl bir adamda böyük nöqsan da ola bilər. – Əcəba, o böyük nöqsan məndədəmi ola bilər? – Hərgah siz özünüzü birinci gözəl hesab etmiş olsanız, bunun özü də bir nöqsandır. Dünyada, bəlkə, sizdən daha gözəl qızlar da vardır. – Mən artıq sizinlə danışmayacağam. Siz məni təhqir etməyə hazırlaşırsınız. Nina sanki gözəl və şıltaqçı qızların rolunu ifa edən bir aktrisa idi. Mən, doğrudan da, qarşımda ən gözəl, ən də acı təbiətli, şıltaq və öz gözəlliyinə inandığı üçün kişiləri əzmək, incitmək istəyən bir qızı görürdüm. Fəqət Nina ən sadə, ən həlim, ən gözəl bir qız idi. Biz Acı körpüsünə qədər yalnız İraida ilə danışırdıq. O məndən Təbrizi soruşur və orada necə yaşayacaqları haqqında təsəvvürlərini söyləyirdi. O məndən çox razılıq edirdi. Əlimi tutub tez-tez görüşəcəyimizə söz verməmi tələb edirdi. Ninaya gəldikdə onun gözündə qısqanclıq görünməyə başlayırdı. Gözləri İraidanın əllərinə dikilmişdi. İraidanın əlləri mənim əlimi sıxır və razılıq göstərirdi. Ninanın dodaqları titrəyirdi. Gözlərinin altında kiçik damarlar döyünürdü. Lakin bu uzun çəkmədi. O mənim əlimi bacısının əlindən sürətlə dartıb aldı. Gözləri yaşardı, mən də, İraida da gülürdük. Nina da hər iki rolunu oynayıb bitirmişdi. O, rəngi qızarmış bir halda dedi: – Kişilərdə bir çox hərəkətlər yersiz olduğu kimi, bu gülüşlər də yersizdir. Əlbəttə, mən onun gözlərinin yaşarmasına deyil, ümumiyyətlə, ani və dəli kimi sevgilərinə gülürdüm. Xüsusən Ninanın bu rolları çox məharətlə ifa etməsi də məni güldürürdü. Daha doğrusu, şadlanır və qızın nəhayət dərəcədə qabiliyyətli bir qız olduğuna sevinirdim. Lakin onun kişiləri təhqir etməsini və onların yersiz gülmələrini tənqid etməsini də cavabsız buraxmadım. – Nina xanım! – Mən xanım deyiləm, – dedi. – Sadə Ninayam! Bunu sizə bir kərə demişəm. – Çox yaxşı, Nina, gözəl Nina. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar həddindən artıqdır. – İndi deyin görüm siz hansı qızı sevə bilərsiz: yarım saat bundan əvvəlki qısqanc, şıltaq və tez sevən qızımı, yoxsa hazırda danışan sadə, səmimi bir yoldaş kimi hərəkət edən qızımı? – Bunların hər ikisi sevimlidir. Fəqət əvvəlinci ilə vaxt keçirmək, əylənmək, ikincisi ilə yaşamaq və yoldaşlıq etmək yaxşıdır. Lakin bunu da müəyyən bir şəraitdə başa gətirmək mümkündür. – O şərait nədən ibarətdir? – Qarşılıqlı sevgi! Bu sözdən sonra Nina başını aşağı salmışdı. Heç birimiz danışmırdıq, çünki artıq Təbrizə yetişmişdik. * * * Acı körpüsünə çatırdıq. Bura hərbi qərargah şəklini alırdı. Bura rus hökuməti tərəfindən çəkilmiş Culfa – Təbriz şose yolunun son nöqtəsidir. Burada yoxlayıcı və idarəedici kontorlar yerləşmişdir. Hər tərəflə telefon əlaqəsi vardır. Telefon inqilabçıların ixtiyarındadır. İnqilabçılar burada Təbriz şəhərinə gedənlərin vəsiqələrini yoxlayırlar. Mən, qızlar bilməsin deyə, hamıdan əvvəl faytondan düşüb qarovul postuna girdim və vəsiqəmi nişan verdim. Qızların da vəsiqələri yoxlandı. Faytonumuz körpüdən buraxıldı. Dar və palçıqlı küçələrin hər iki tərəfi böyük karvansaralardan ibarətdir. Böyük Təbrizin ticarət karvanları, bütün Azərbaycanın müxtəlif şəkildə olan nəqliyyatı yalnız burada yerləşir. Lakin həyat o qədər də coşqun deyildir. Ticarət karvanları əvvəlkinə nisbətən çox azdır. Faytonun atları qarınlarına qədər çamıra bulaşaraq tısbağa kimi sürünməkdə idi. Qəbiristanların içərisindən keçirdik. «Güllü mən əleyha fan!» Yazılmış uca məzar daşlarının dibindən çıxan səndəl və kündür tüstüləri qızların nəzərini cəlb edirdi. Qəbir daşlarının üstündəki daraq şəkilləri qızları daha da heyrətləndirirdi. Nina barmağı ilə göstərib: – Bu daşlardakı daraqlar nə deməkdir? – deyə soruşdu. – Biraığızlı daraqlar kişi, ikiağızlı daraqlar isə qadın qəbridir, çünki qadının adını daşda yazmağı namussuzluq bildiklərindən daşın üstündə daraq şəkli çəkirlər. Bu gün qəbiristanda camaat çox idi. Cümə axşamı olduğu görünürdü. Kimisi kündür, səndəl yandırırdı, kimisi əlində balaca bir daş tutub qəbir daşlarını döyməkdə idi. Küçədə şey satanların səsi bir-birinə qarışmışdı. Əllərdə satılan şey Təbrizdə qıtlıq olmadığını aydın göstərirdi. Qəbir üstündə ağlayan qadınların səsini küçədə şey satanların səsini qapamaqda idi. Cürbəcür səslər eşidirdik. – Xasa çörək! Fəqət çörək, xasa çörək, yəni qızarmış və təmiz çörək deyil idi. Təbrizdə sülh vaxtında da yaxşı çörək olmadığını eşitmişdim. Lakin indi öküz dili şəklində olan bu çörəklər göy rəngli xəmirdən ibarət idi. – Nanu-vəliəhd! Bu çörəklər şirin və yağlı çörəklərdir. Yaxşı olduğundan bir reklam olaraq adını «vəliəhd çörəyi» qoymuşlar. – Nafu-ərus! Bunlar insan göbəyi şəklində şirin çörəkdir ki, çox satdırmaq üçün «gəlin göbəyi» adını vermişlər. – Ləbi-düxtər! Bu isə dodaq şəklində şirin çörəkdir. Adını «qız dodağı» qoymuşlar. Əlbəttə, bunların hamısını qızlara tərcümə etmək mümkün deyildi. Lakin qismən onlara anladırdım. Nina birinci kərədir ki, üzünə ağ pərdə və ayaqlarına torba geyinmiş qadınları görürdü. Əlbəttə, buna təəccüb etməyə bilməzdi. Nifrətlənmədən soruşdu: – Gördüyümüz kişiləri bunlarmı doğmuşdur? – Bunlar doğmuşdur, – dedim. – Şərqin kişiləri birinci tərbiyəsini bu səyyar məhbəsin içində almışdır. Onlar heç vaxt azadlıq görməmişlər. Bir çoxları onun adını belə eşitməmişdi. İndi siz təsəvvür edin. Bu kimi bir xalqın hökumətə qarşı üsyan etməsi dövlət üsuli-idarəsinin nəhayət dərəcədə qaba və zalım olduğunu göstərmirmi? Üsuli-idarə o qədər qaba, o qədər əzazildir ki, körpəlikdən əsirliyə alışmış kütlələr belə üsyana qalxır. Nina bu sözləri son dərəcə diqqətlə dinləyirdi. Artıq bu söhbəti bitirmək vaxtı gəlmişdi. Dumanlar altında uyumuş Təbrizin gözəl təbiətini yaxından görmək daha maraqlı idi. Ucan yaylası ilə Qızıldağ yaylasının ortasında yerləşmiş bu müzəyyən şəhər bağlar, bostanlarla əhatə olunmuşdur. Yerlilərin çöhrələri ağ, xoş surət, mütəkəbbirdir. Təbrizin böyük eyiblərindən biri qəbiristanın şəhər içərisində olmasıdır. Məsələn, Surxab, Çərəndab, Gəcil, Şam, Fzan və sair məhəllələr qəbiristanların yanındadır. Əbbasilər dövründən bəri Azərbaycanın paytaxtı olan bu şəhərdə Şərqin məşhur alimləri, həkimləri, filosofları, yazıçı və şairləri toplanmışdır. Təbrizdə Şərq tarixinə zinət verəcək simalardan Baba Fərəc, Baba Həsən, Xacə Ziyaəddin, Hüseyn Bolğari, Nuru, Xaqani, Zəhirəddin Fariyabi, Xacə Məhəmməd Gəcücanlı və bir çox türk, fars və ərəb alimləri dəfn olunmuşdur. Otuz böyük kəndin arasında bina edilən və bağları bir-birinə qarışan bu böyük şəhəri Səhənd dağından axıb gələn Nehranrud çayı sulamaqdadır. İki yüzə qədər karvansara, on doqquza qədər böyük came, iyirmi bir hamam, bişmiş kərpiclə örtülmüş bazarlarında on beş minə qədər dükan yerləşən bu şəhər, doğrudan da, zəngin və səfalı bir şəhərdir. * * * Fayton qızları erməni məhəlləsində olan mehmanxanaya aparacaqdı. Yetişmək üzrə idik. Mən mehmanxanaya qədər onlarla getmək istəmirdim. Nina son kərə dedi: – Bir yerdə mənzil etsək yaxşı olmazmı? – Əfv edərsiniz, mehmanxanaya düşməyəcəyəm. Tanış evlərin birisində mənzil edəcəyəm. Yarın görüşərik, – deyə onlardan ayrıldım. Ninanın üzü bu ayrılışından narazı qaldığını anladırdı. Hətta o, son dəfə əlimi sıxdıqda sanki barmaqları və damarları da bu ayrılışa etiraz edirdi. Mən Rasta küçəsində Seyid Hüseyn dərbəndində olan tanışımın evinə getməli idim. * * * İlk görüşlər Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim. Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi. Səhər saat doqquzda çay içib çıxdım. Məhəllədə təsadüf etdiyim adamların hamısı tüfəngdən, patrondan, nişanə vurmaqdan danışırdı. Bir uşaq «vaks» çağıraraq başmaq təmizləyirdi. Onun gözəl səsi vardı. Oxudu. Dayanıb qulaq asdım: Rəhim xan gəlir Təbrizə, Ərmağan gətirir bizə, Az qalır qan çıxsın dizə, Taxtın uçulsun, Məmdəli, Gözün tökülsün, Məmdəli! Məhv oldu, talandı Təbriz, Neçə dəfə yandı Təbriz, Zatına inandı Təbriz, Taxtın uçulsun, Məmdəli, Gözün tökülsün, Məmdəli! Böyük nənən Ümmi-xaqan, Özün qeyrətdən pərişan, Bəsdir bu qədər tökmə qan, Taxtın uçulsun, Məmdəli. Gözün tökülsün, Məmdəli! Belə mahnıları çox eşidirdim. Bununla da Rəhim xanın Təbriz üzərində hərəkət etməsi məlum olurdu. Təbrizlilərin yalnız silahda deyil, şeir və ədəbiyyatda da inqilabi mübarizəyə hazırlandıqları görünürdü. Bu kimi şeirləri dəllaləzəndə də eşitmək olurdu. * * * Səttar xanın yanına getməzdən əvvəl bəzi inqilab rəhbərləri ilə görüşüb, onların inqilab haqqında fikrini öyrənmək istəyirdim. Birinci növbədə Hacı Əli davafürüşla görüşməli idim. Evini tanımırdım. Onun Təbrizdə məşhur adam olduğunu bilirdim. Yanımdan gənc bir mücahid keçirdi. Ondan: – Hacı Əli davafürüşun evinə hansı yoldan getməliyəm? – deyə soruşdum. Mücahid durdu, fikrə getdi. Sonra məndən soruşdu: – Qızını açıq gəzdirən Hacı Əlinimi deyirsən? – Bəli! – dedim. (Hacı Əlinin öz qızını açıq gəzdirdiyini bilirdim.) Mücahid nəğməsinə qulaq asdığım çəkməsiləni çağırdı. – Oğlan! Dur, düş bu əmioğlunun qabağına. Qızını açıq gəzdirən Hacı Əlinin evini göstər! – dedi. Çəkməsilən dinməz-söyləməz durub qabağıma düşdü. O qabaqca «vaks» sözünü qışqıra-qışqıra gedir, mən ətrafı nəzərdən keçirərək irəliləyirdim. O, aralıqda üzr istəyib bir-iki ayaqqabı da təmizlədi. Mənsə tələsmirdim, çünki ətrafa baxmaq, həyatı öyrənmək mənim üçün daha maraqlı idi. Küçələrdə fayton, araba, ümumiyyətlə, təkərli nəqliyyatdan bir nişanə belə görmədim. Yalnız ağ uzunqulaqları minib sürətlə o tərəfə, bu tərəfə gedənləri görürdüm. Çəkməsiləndən bunların hara getdiyini soruşdum. O, belə cavab verdi: – Təbriz çox böyük şəhərdir. Yalnız Dəvəçi məhəlləsi altmış min evdir. Bu yolları piyada gedib-gəlmək mümkün deyil. Bu eşşək üstündə gedənlər uzaq məhəllədə oturan tacirlərdir. Səhər eşşəyi minib gəlir hücrəsinə. Oturduğu hücrənin altı da tövlədir. Eşşəyi orada bağlayır. Axşam yenə də evə qayıdanda eşşəyin palanını hücrəsindən aparıb qoyur eşşəyin belinə. – Çox əcəb, palanı hücrəsində nə üçün qoyur? – Çünki burada eşşək palanı oğurlayanlar çoxdur. Çəkməsilən mənimlə öcəşməyə və məni ələ salmağa başlamışdı. Bir az getdikdən sonra o mənə yenə də tapşırdı: – Hərgah eşşəyin varsa, palanından mütəvəccöh ol. Təbrizdə eşşək palanı çox bahadır, – dedi. Mən təbrizlilərin adam ələ salmasını və öcəşməsini eşitmişdim. Ona görə də çəkməsilənin söhbəti ilə maraqlanırdım. Onun sözlərini cavabsız buraxmayaraq: – Çox razıyam, – dedim. – Yaxşı ki, xəbər verdin. Yoxsa palanı oğurlayacaq idilər. O dinmədi. Bir az getdik; sərraf dükanlarının qarşısından keçirdik. Çəkməsilən qayıdıb yanıma gəldi. – Təbrizə təzə gələnlər pullarını gətirib burada xırdalayırlar, – dedi. Mən doğrudan da, pul xırdalayacaqdım. Sərraf dükanına yanaşıb bir dənə rus beşliyi çıxardım. Çəkməçi mənə yaxınlaşıb yavaşca dedi: – Bugünkü qiymət iyirmi yeddi qran beş şahıdır. Sərraf bunu eşidib çəkməsilənə acıqlanaraq: – Gedə, cakəş, səni kim çağırdı bura?! – deyə qovdu. Çəkməsilən də ona acıqlandı: – Cakəşin səsini eşidirəm – dedi. Sərraf buna heç də cavab vermədi. Təbrizdə bu kimi işlərə hər addımda təsadüf etmək olurdu. Yolumuza davam etdik. Çəkməsilənin məndən əl çəkdiyinə təəccüb edirdim. Bir qədər getdikdən sonra o, yenə də mənə yanaşdı: – Bilirsən nə var? – deyə soruşdu. – Xeyr, bilmirəm! – Mən qorxuram əxi... – Nədən qorxursan? – Qorxuram ki, sizin yadınızdan çıxsın. – Nə yadımdan çıxsın? – Eşşəyin palanını gizlətmək! Çünki Təbriz çox haramzada yerdir. Buraya palanlı gələn palansız gedər. – Qorxma, unutmaram. Yenə yolumuza davam etdik. O, yenə də sözə başladı: – Xatircəm oluram ha! – Nə üçün xatircəm olursan? – Mən xatircəm oluram ki, siz eşşəyin palanını gözünüzdən kənara qoymayacaqsınız. – Buna xatircəm ola bilərsən! Çox uzun yol getdik. Rasta küçəni hələ başa çıxmamışdıq. O, yenə də mənə müraciət edib palan barəsində tapşırırdı. Biz Əngəc küçəsinə yetişdik. O, Hacı Əlinin qapısını uzaqdan mənə nişan verərək: – Budur bax, qızı açıq gəzənin qapısı, – dedi. – Çox razıyam! – deyə ona 2 qran pul uzatdım. O, pulu alıb o tərəf-bu tərəfinə baxıb cibinə saldı və getməyə başladı. Mən hələ qapıya yetişmədən o məni çağırdı: – Dadaş, zəhmət olmasa biri azca dayan! – deyə mənə doğru qayıtdı. Mən 2 qrandan razı qalmadığını zənn etdim. Ağzını açmadan 2 qran da ovcuna basdım. – İndi ki, belə oldu, sizdən bircə də xahişim vardır, – deyə mənə müraciət etdi. – Buyur, nə demək istəyirsən? – Xahiş edirəm ki, palanı gözdən qoyma! Mən yenə güldüm. Onun ümidi kəsildi, çünki təbrizlilər insanı acıqlandırmaq və onu söyüşə məcbur etməkdən çox nəşələnirlər. Qapını vurdum. Tam mənasilə avropalı bir qız qapını açdı. Qiyafətimə baxıb dedi: – Nə istəyirsiniz? – Hacı Əlinin evi buradırmı? – Bəli, buradır. – Özü evdədirmi? – Evdədir. – Mən onu görmək istərdim. – Siz kimsiniz? – Mən onun qardaşıyam! Qız təəccüblə üzümə baxıb durdu. Mən ona başqa ad deyə bilməzdim, çünki qızın kim olduğunu bilmirdim. Qız çox təəccüblü bir surətdə cavab verdi: – Elə isə bir dəqiqə səbir edin. Hacıya xəbər verim. Qız getdi. Bir dəqiqədən sonra Hacı Əli özü qabaqda, haman qız isə arxasınca qapıya gəldi. Adımı dedim. Qucaqlaşdıq, öpüşdük. O, qızına tərəf döndü: – Doğrudur. Bu sənin əmindir. Mənim doğma qardaşımdan da mənə yaxındır. Qız mənə əl verdi. Hər ikisi qolumdan tutub böyük bir salona apardı. Salon bir fransız varlısının salonuna bənzəyirdi. Hələ səhər çayına başlanmamışdı. Salondan keçib çay otağına girdik. Mən yemək yemədim. «Fəqət bir stəkan çay içərəm» dedikdə qız bir stəkan çay və gözəl bir şüşə içərisində limon suyu gətirdi. Bunu Təbriz kübarları çaylarına tökürlər. Mən də stəkanıma bir neçə damcı limon suyu tökdüm. Çay çox ləzzətli idi. Hacı Əli nökəri çağırıb qulağına nə isə bir şey pıçıldadı. Nökər getdi. Çay içilib qurtardı. Hacı qızının da getməsinə icazə verdi. Hacı Əlinin qızı amerikalıların məktəbində oxuyurdu. 14–15 yaşlarında olan bu qız ucaboylu, qalın vücudlu, qara və dairəsi böyük gözlərə malik bir qız idi. Onun təbrizlilərə məxsus ağ pəmbə çöhrəsi və qara tüklərindən başqa hər şeyi bir amerikalı qızına bənzəyirdi. Təbrizdə birinci dəfə açıq gəzən bu qıza qarşı küçələrdə söz atmaq, təhqir etmək, sevgi elan etmək və sair bu kimi uyğunsuz hərəkətdə olmaq adət yerinə keçmişdi. Hətta onu bir neçə kərə ölümlə təhdid edib Amerika məktəbinə getməsini də qadağan etmişdilər. Qız bütün bunlara dözərək mollaların təklif etdiyi çarşabı başına salmamışdı. Təbriz şairlərindən Sərraf onun haqqında qəzəllər də yazmışdı. Qız bu qəzəlləri toplayıb saxlamışdı. Sərrafın qəzəllərindən birisi budur: Səməndə-nazə gəl baş verməy, ey mən başına qurban, Göz üstə qaşın oynatma, qara göz, qaşına qurban. Mən əbri-tirəbəxtəm, sən baharü tazəvü tərsən, Gərək mən ağlayam, sən ağlama, göz yaşına qurban. Billursan sinəyi-safında var bir daş kimi qəlbin, Həyatın çeşməsi bağrında səngi, daşına qurban. Durub fərraştək qəmzən bərabərdə deyər gəlmə! Könül mülkündə şahənşax olan fərraşına qurban! Əgər Sərrafa bir xaşxaş qədrincə ola meylin, Təmamən əldəki varım o bir xaşxaşına qurban! Bir az keçəndən sonra Məşədi Abbasəli qəndfürüş, Yusif xəzdüz, şeyx Məhəmmədəli qəssab, Əsgər qəhvəçi və sairləri gəldi. Bunlar Təbriz inqilabının rəhbər simaları idi. Tanış oldum. Çox söhbətdən sonra Siqətülislam müctəhidi görmək istədiyimi aşkara söylədim. Hacı Əli və Məşədi Abbasəli qəndfürüş Siqətülislamın heç bir inqilabi siması olmadığını söylədi. Hər halda mənim bu ziyarətə olan marağımı bilərək razı oldular. * * * Siqətülislam Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi. Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim. Siqətülislamın daşıdığı və üzərində ciddi mübarizə apardığı əqidə şiəlikdə bir təriqət olan şeyxi əqidəsi idi. Bu əqidəni 1800-cü ildə İran körfəzinin cənubi-qərb sahilində Əhsa adlı kiçik bir şəhərdə zühur edən Şeyx Əhməd Bəhreyni yaratmış və bununla da başına minlərcə mürid toplamışdı. Şeyx Əhməd öz əqidəsi ilə bütün Ərəbistanda və İranda şöhrət qazandığından və bu əqidə, nəhayət, bir dini məktəb şəkli aldığından Kərbala şəhərinə köçüb, 1804-cü ildə ruhanilər cəmiyyəti təşkil etməyə müvəffəq oldu. Şeyx Əhmədin ölümündən sonra bu ruhanilər cəmiyyətinin başına Ağa Seyid Kazım seçildi. Bundan sonra Şeyx Əhmədin şiə məzhəbi üzərində düzəltdiyi bu islahat bir neçə cəbhələrə ayrılıb bir-biri ilə mübarizə etməyə başladı. Bunların bir hissəsi Şeyx Əhmədin orijinal təriqəti üzərində durduğundan «şeyxi» adlanıb qaldı. İkincisi, Ağa Seyid Kazımın islah etməklə aralığa çıxardığı «üsuli» əqidəsinin ətrafına toplandı, üçüncü isə Seyid Kazımın ən idraklı şagirdlərindən sayılan Mirzə Əliməmmədin ətrafına toplanıb «babi» məzhəbini əmələ gətirməyə başladılar. Hazırda inqilab tərəfində duran, özünü «bitərəfəm» adlandıraraq eyni zamanda inqilabçılara rəğbət bəsləyən Siqətülislam Şeyx Əhməd Bəhreyninin orijinal təriqəti olan şeyxi əqidəsini daşıyır. Bu təriqətin düşməni əvvəldən də çoxdu. Nəhayət, babilik ayrıldıqdan sonra şeyxi əqidəsinə qarşı olan düşmənçilik daha da artmış oldu, çünki babinin şiəlikdə orijinal sayılan şeyxi təriqətindən ayrıldığı və üsul təriqətinin bunlarla heç bir əlaqəsi olmadığını şiə ruhanilərindən bir çoxu iddia edirdi. Siqətülislam bütün şərqi və şimali İranda şeyxlik üzərində mübarizə aparanların ən məşhuru və görkəmlisidir. Təbrizdə bunun düşməni imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhiddən ibarətdir. Son ikincilər əks-inqilab cəbhəsində durub məşrutə üsuluna qarşı mübarizə etməyə başladığı zaman Siqətülislam müctəhid də bunlara son zərbəni vurmaq üçün əlverişli bir fürsət əldə etmiş oldu. Bu səbəbə görə Siqətülislam inqilabda bitərəf davranmasına baxmayaraq, məşrutəçilərin tərəfini saxlamaqda idi. Hacı Əli adam göndərib onun yanına gedəcəyimizi xəbər verdi. Müctəhidin yaşadığı ev Surxab qapısı deyilən çay kənarındadır. Qapını döydükdə dörd-beş nəfər bizi qarşıladı. Müctəhid özü də dışarıda durub bizi gözləyirdi. Zatən bunun özü də böyük adamlarda təcrübədən keçirilmiş bir diplomatlıqdır, çünki evə hörmətli adam, qonaq gəldikdə onun ayağına qalxmamaq bir ədəbsizlik hesab olunur. Fəqət hər kəsin ayağına durmaq da böyük adamların şənini azaldırmış. Buna görə də evə qonaq gələcəyini bilən kübar adamlar əvvəlcədən ayaq üstündə durub qonaq gələrkən onun ayağına durmağı lazım görməzlər. Müctəhid bizi görən kimi əl verdi və sözə başladı: – Allah bilir ki, bir az da təxir etmiş olsaydınız küçəyə qədər gələcəkdim. Doğrusu, bu gün sizinlə görüşmək üçün özümdə fövqəladə bir meyil hiss edirdim. Hacı Əli məni müctəhidə tanış verdi. Müctəhid ikinci kərə əlimi sıxıb dedi: – Bunu da özüm üçün nazil olmuş bir nemət hesab edirəm. Müctəhid bizi özünün oturduğu otağa aparmadı. Qonaq otağına keçirdi. Otaq tamamilə Avropa üsulunda döşənmişdi. O bizi əyləşdirdi, sonra da özü oturub sözünə davam etdi: – Otaq bizim uşaqların zövqü ilə düzəlmişdir. Onları əcnəbi dillərdə oxutmuşam. Özümün də öyrənməyə meylim vardır; bunu hər bir təbrizliyə də məsləhət görmüşəm. Müctəhid bununla özünün yeni adam olduğunu bildirmək istəyirdi. Doğrudan da, başqa mollalara nisbətən Siqətülislamda yenilik az deyildi. Çay, qəlyan gətirdilər. Başqa söhbətlərlə vaxtı keçirmək istəmirdim, çünki başqa yerlərə də gedəcəkdim. Xüsusən bu gün mənim Səttar xanla görüşməməyim də yaxşı olmazdı. Onun üçün də lazımi məsələlərdən sözə başlamağa tələsirdim. İcazə aldım və sözü müqəddiməsiz olaraq danışmağa başladım: – Cənab Siqətülislam! İranda inqilabın rəhbər qüvvələri ilə icraedici qüvvələri arasındakı əlaqə haqqında fikriniz nədir? – Gəlin biz bir diplomat kimi yox, səmimi bir rəfiq kimi danışaq, – dedi, – inqilabın rəhbərlikedici qüvvələri ilə, icraedici qüvvələri arasındakı əlaqə haqqında danışmaq artıqdır, çünki axırıncılar buna heç vaxt qabil deyildir. – İndiyə qədər siz istəsəydiniz, həm Səttar xanla, həm də Bağır xanla əlaqə düzəldər və inqilabın mütəşəkkil getməsinə kömək edə bilərdiniz. Xüsusən siz Qafqazdan gələn canlı qüvvələrə də əhəmiyyət verməlisiniz. Siqətülislam sözlərimə diqqətlə qulaq asıb və yüsür təsbehin dənələrini yağış dənələri kimi bir-birinin üzərinə tökürdü. Onun qənaətləndirici bir cavab söyləyəcəyini gözləyirdim. Təsbehi yanındakı çay masasının üzərinə buraxdı. Öz gövdəsini o ki, lazımdır düzəldib: – Siz, əlbəttə, İranı çox yaxşı tanıyırsınız, – deyə sözə başladı. – Az-çox tanıyıram. – İran həyatını Araz çayının o biri tərəfindəki həyatla müqayisə etmək əqilli adamın işi deyil. Orada həyat başqa, burada isə bambaşqadır. Rus işçisi içərisində aparılan işi İran kəndlisi içərisində aparmaq doğru bir iş deyil, çünki rus işçisinin mədəsi həzm edə biləcək bir xörəyi İran kəndlisinin mədəsi heç vaxt həzm edə bilməz. Mən şəxsən Zaqafqaziya sosial-demokratlarının bu inqilabda iştirak etməsini təbrik edirəm. Əlbəttə, bu həmrəyliyin olduqca böyük qiyməti var. Təəssüflər olsun ki, onlar yerli şəraiti və yerli xalqın ruhunu bilmirlər. Onlar rus mujikinə dediyi sözləri İran kəndlisinə də deyirlər. Halbuki bunların arasındakı fərq yerdən göyə qədərdir. Şərqin mülkədarını da qərbin mülkədarı ilə müqayisə etmək olmaz. Şərqin əsiri də Rusiyadakı əsirlərə bənzəməz. Bu iki yerin məzlumları belə bir-birinə oxşamaz. Rəfiq, heç bir kəs inqilabı öz düşüncəsi ilə idarə edə bilməz. Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Bizim sosial-demokratlarımız bu inqilabı öz bildikləri kimi idarə edərək Rusiyadakı rəhbərliyi burada həyata keçirərsə, bizim inqilab o qədər də irəli gedə bilməz. Siqətülislam bu uzun söhbətdə yenə də öz sözünü açıq deyə bilmirdi. O, sosial-demokratlığı şəriət və dinlə barışdırmaq istəyirdi. Onun fikrincə, inqilab dinlə əlbir işləməli və bütün rəhbərlik din rəhbərlərinin əlində olmalı imiş. O, inqilabın düşmənlərini imamcümə Mirzə Kərim və Mirzə Həsən ağa müctəhid düşündüyü kimi düşünürdü. Onun fikrincə, inqilab məsələləri Hərbi İnqilab Şurasında deyil, yenə də hisli məscidlərdə, daş sütunlarının altında, daha açığı, dağılmış Quran vərəqləri və sınmış möhürlər üst-üstə tökülən mənbərlərdə həll olunmalı imiş. Siqətülislam ən axırda sözünü belə qurtardı: – Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə də belədir. Müctəhid bu sözlərini bitirdikdən sonra Səttar xan və Bağır xan məsələsinə keçərək dedi: – Səttar xan və Bağır xanla əlaqə məsələsinə gəldikdə onlarla anlaşmaq heç də mümkün deyil. Hələlik onlar öz aralarında barışa bilmirlər. Səttar xan Əmiraxizdə, Bağır xan isə Xiyaban məhəlləsində yerləşib öz aparatını qurmuşdur. Onların bu hərəkətləri inqilabın gedişini öz həqiqi cığırından çıxarmış olur. Onların bir çox işləri inqilab düşmənlərinin əlinə silah verir. Müctəhidin sözləri zahirdə nə qədər doğru isə də onun dediklərinin başqa bir mənası da vardı ki, o da Qafqaz sosial-demokratlarını sevməməkdən ibarət idi. Müctəhid bizi nahar yeməyinə saxlayırdı. Qalmaq istəmədim. Bir stəkan çay içdik. Müctəhidlə görüşərək Hacı Əli davafürüş və başqa yoldaşlarla bərabər çıxdıq, ağa tez-tez gəlib görüşməyimiz üçün bizdən söz aldı. Dışarı çıxdıqdan sonra danışırdıq. Hacı Əli gülərək dedi: – Uzaqdan bunun adını eşidənlər bu kimi nüfuz sahibi müctəhidin inqilaba böyük bir fayda verəcəyini düşünür. Lakin yaxından tanış olanlar bunun nə demək istədiyini və bunların inqilaba nə məqsədlə yanaşdığını birinci görüşdə anlayırlar. Siqətülislam islamiyyə adı ilə təşkil edilmiş əks-inqilab təşkilatı başında duran ruhanilərdən deyildir. Bu onlara nisbətən, demək olar ki, inqilabın dostudur. Lakin bu, inqilabı əski dini mövhumatla barışdırmaq və bir yerə calamaq istəyir. Sinfi mübarizə və iqtisadi ziddiyyətlər məsələsi bunun heç də başına girmir. Zaqafqaziya sosial-demokratlarını, xüsusən Bakı işçilərini istəməməsinin birinci səbəbi budur ki, qafqazlılar inqilabı öz həqiqi cığırı ilə aparır və inqilabı dini təsirdən çıxarmağa çalışırlar. Siqətülislam onu yaxşı bilir ki, Səttar xana və onun apardığı inqilaba böyük yardım edən Zaqafqaziya işçiləridir. Bunun üçün də müctəhid Səttar xanla heç də uyuşa bilmir. Əslində, bu müctəhid aralıqda qalmışdır. O, əks-inqilab təşkilatına heç vaxt qoşula bilməz, çünki onun məzhəb və təriqət düşmənləri olan (mütəşərre) üsul müctəhidləri tamamilə əks-inqilab qərargahındadırlar. İş belə olduqda müctəhid inqilab cəbhəsində də ciddi iştirak edə bilmir, çünki o, inqilabın təriqət və məzhəblə sazişə girməyəcəyini çox gözəl bilir. Hər halda onun inqilaba meyil etməsi yenə də özü üçün əlverişli olduğundan bizim tərəfimizdə olduğunu işdə yox, sözdə göstərir. Eyni zamanda sizə dedikləri sözləri də daim təkrar etməkdədir. Hacı Əli sözünü bitirdikdə mən və yanımızda olan yoldaşların hamısı: – Doğrudan da, belədir! – dedik. Siqətülislamın evindən çıxdıqda yolda bir neçə inqilab rəhbərlərinə rast gəldik. Bunlara biz Hacı Əlinin evində ikən sifariş göndərilmişdi. Onlar bizim Siqətülislamın evinə getdiyimizi eşidib oraya gəldiklərini və bizimlə görüşmək istədiklərini xəbər verdilər. Yolda bizə rast gələnlər Səttar xanın mərkəzi heyətini təşkil edən adamlar idi. Hamısı ilə görüşüb öpüşdük. Öpüşmək inqilabçılar arasındakı yoldaşlığın əlaməti olaraq adət yerini almışdı. Bunlarla görüşdükdən sonra Seyid Həsən Tağızadənin görüşünə getmək istədiyimi yoldaşlara xəbər verdim və nə cür yaşadığını soruşdum. Hamıdan əvvəl Hacı Əli bu barədə danışdı: – Onunla görüşmək eyib deyil. Hələlik o, inqilaba nəzəri və tarixi cəhətdən yanaşır. Hazırda elə qəti bir fəaliyyəti görünməmişdir. O, yalnız məsləhət verməyi sevir. Onun İran haqqında yeni əsərini oxumalısınız. – Oxumuşam. «Əhvali-kinuni-İran ba mühakiməti tarixi» sərlövhəli bir əsərini görmüşəm. Hacı Əli gülərək: – Bəli, əsər odur! – dedi. Yoldaşların Tağızadə ilə görüşməyə rəğbətləri olmadığını görüb öz görüşümü başqa bir vaxta saxlamağı qərara aldım. Mən bu söhbətdən sonra Hacı Əliqulu xan Vüsuqi-Nizamla görüşməyi düşündüm, çünki onun Təbriz–Culfa yolunun inqilabçılar əlində qalması işində mühüm rol oynaya biləcəyi məlum idi. Mən bunu yoldaşlara da dedim. Onlar bu görüşə razı oldular. * * * İran mülkədarının evində Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi. Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi. Əliqulu xan yoğun, ucaboylu, çopur və eyni zamanda çox mülayim bir üzə malik olan adam idi. O, kök və yoğun olmasına baxmayaraq, üzündən xəstə bir adama bənzəyirdi. Zatən Əliqulu xanın özü də İranın başqa mülkədarlarına nisbətlə liberal bir sima idi. Əliqulu xan birinci sözündə bunu bizə göstərməyə çalışdı. Söhbətimiz torpaq məsələsindən başlamışdı. Xan dediklərimin hamısına «bəli», «doğru», «təsdiq edirəm!» deyə cavab verirdi. Mən sözümü bitirdikdən sonra o, yanındakı çaydan bir neçə qurtum ağzına alıb danışdı: – Mən iranlıyam. Özüm də həqiqi iranlıyam. İran xalqının düşmənini də sevmirəm. Hərgah İranda torpaq məsələsi aralığa gələrsə, birinci növbədə mən öz kəndlərimi xalqa verənlərdənəm. Mən güldüm. Xan da təbəssüm edərək dedi: – Bilirəm nəyə gülürsünüz. Siz demək istəyirsiniz ki, indi ki belədir, nə üçün çağırıb kəndləri xalqa bağışlamırsan, əlini, qolunu ki, tutan yoxdur. Belədirmi? – Zənnimcə, siz bu işi görmüş olsanız, başqaları da sizin arxanızca gələr. – Bunlar tamamilə doğrudur. Lakin bugünkü inqilab torpaq məsələsini aralığa atmamışdır. Bu inqilab monarxizmin devrilməsi məsələsini də müzakirə etmir. Burada hər kəs vuruşur. Fəqət kimlərlə vuruşduğunu özü də hiss etmir. Hər kəs söyür, lakin kimləri və nə üçün söydüyünü bilmir. Hazırkı inqilab öz dostunu və düşmənini tanıya bilməmişdir. Siz inqilabın mahiyyətini və tərkibini hələlik bu camaata anlatmağı xəyalınıza belə gətirməmişsiniz. Kəndli sizi tanımır. Kəndlilər inqilabın xəbərlərini hələlik bir dastan kimi eşidir. Onun başında duran Səttar xanı və Bağır xanı da divləri öldürən, Qaf dağına gedən əfsanəvi bir qəhrəman kimi tanıyır. – Bunun səbəbi nədir? – deyə Əliqulu xandan soruşdum. O, siqarını yandırıb sözünə davam etdi: – Siz vaxtında torpaq məsələsini aralığa ata bilmədiniz, çünki öz sıranızda böyük torpaq sahibləri də vardır. Söz yoxdur ki, soyulmuş və il zəhmətindən sonra bütün xırmanını mülk sahibinə verib şana, xəlbirini dalına atmaqla evinə boş gedən kəndli sizə qoşulmayacaqdı; çünki o öz düşmənini sizin sıranızda görürdü. Siz buyurun, mülahizə edin. İnqilab hara? Ruhaniyyət hara? Şəriət hara? Məzhəb hara? Siz burjuaziya ilə, böyük və kiçik kapitalistlərlə çox yaxşı işləyə bilərsiniz. Əvvələn budur ki, kapitalistlər hər məmləkətdə dinsizdir. O, dinə hörmət edir. Fəqət özü üçün yox. Onlar dinə aşağı təbəqədə olmaq şərtilə hörmət bəsləyir. Odur ki, sizin üçün kaptalistlərlə işləmək ruhanilərlə işləməkdən daha əlverişlidir. İkinci bir səbəb də vardır ki, o səbəb burjuaziyanı bu inqilaba daha sıx bir surətdə bağlamışdır. O səbəb də burjuaziyanı monarxiyadan nifrətləndirir, təngə gətirir. Burjuaziya padşahın və onun rüşvətxor hakimlərinin qorxusundan öz kapitalını ölkənin daxilində geniş istismara buraxa bilmir. Bunun üçün o, padşahı yıxmağa və öz hökumətini qurmağa tələsir. Mən özüm də inqilabı sevirəm. Onun dostuyam, çünki bu inqilab mənim mənfəətimə qətiyyən toxunmur. Lakin inqilabçılar mənim bu inqilabda oynaya biləcəyim roldan heç də xəbərdar deyildir. İnqilabçılar məndən istifadə etmək istəmir. Onlar mənim kəndlərimin, mənim tayfamın əhəmiyyətini və coğrafi mövqeyimizin qiymətini bilmirlər. Hazırda Təbriz–Culfa şose yolu Qaradağ xanlarının hücum qorxusu altındadır. Onlar bu gün də olmasa, sabah bu yolu inqilabçıların əlindən alacaqlar. Bu yol isə inqilabçılar üçün ölüm-dirim məsələsidir. Rusiya inqilabının alovu bu yol vasitəsilə İrana girmişdir. Bu yol kəsildikdən sonra inqilab öz əsas yurdundan nəfəs ala bilməyəcəkdir. Culfa məbərinin inqilabçılar əlində qalması və oradan nəfəs alınması işi mənim tayfamın hərəkəti ilə əlaqədardır. Qaradağ xanları başda Ələkbər xan Sevlətüddövlə olmaq üzrə Culfa üstünə hərəkət etmək və inqilab tərəfində duran Əlamdar, Gərgər qəsəbələrini dağıtmaq üçün hazırlaşırlar. Bunlar mənim kəndlərimin içərisindən keçməlidir. Mənim qardaşlarım Heydərqulu xanla Hüseynqulu xan istədiyi vaxt Siyah-rud burnunu kəsib hərəkəti ləngidə biləcəklər. – Hələlik aralıqda bu təhlükə yoxdur. – Sən get, lazım bildiyin adamları buna inandır. Rəhim xan Sofyan, Mərənd, Circirləri tutunca Ələkbər xanı Culfada görəcəksiniz. Naharı Vüsuqi-Nizamın evində yedik. Vüsuqi-Nizam Qaradağ atlılarının hücumu ilə həm bizi qorxudur, həm də özü qorxurdu; çünki o öz kəndlərinin dağılmasından ehtiyat edir və inqilabçılardan istifadə etməyə çalışırdı. * * * Səttar xan Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi. Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə: – Deyəsən, bu bizim gözlədiyimiz rəfiqimizdir, – dedikdə Hacı Əli və Məşədi Abbasəli ikisi də birdən: – Bəli Sərdar. Özüdür ki, var! – dedi. O, ikinci dəfə əlimi sıxıb görüşdü. Yüksək bir mövqe tutduğuna baxmayaraq, yanındakıları çox mülayim sözlərlə dindirib yola salırdı. Biz içəri girdikdə mücahidlər Sərdarın evinə gəlib özlərinə verilən maaş haqqında danışırdılar. Danışıqdan məlum olduğuna görə hər bir mücahidə gündə iki qran verirmişlər. Bundan başqa xüsusi dükanlar vasitəsilə onlara ucuz çörək və sair ərzaq da satırlarmış. Sərdar mücahidləri yola saldıqdan sonra mənə müraciətlə: – Nə vaxt təşrif gətiribsiniz? – soruşdu. – Dünən gəlmişəm. Yorğun idim, özüm də Xiyabanda mənzil etdiyim üçün yanınıza gələ bilmədim. – Səhərdən bəri təşrifiniz harda idi? – Hacı Əli, Abbasəli qəndfürüşla bərabər Siqətülislamın görüşünə getdim. Doğrusu, onun fikrini bilmək istəyirdim. – O, bizim üçün əlverişli heç bir söz deyə bilməz. Onu bacarmaz da. – Doğrudur, Sərdar. Fikri molla fikridir. O fikirdə olan adamlarla inqilab irəli gedə bilməz. – Siz bir fikir verin! İndi bizim nə vaxtımızdır? Biz indi hökumət əleyhinə çıxan hər bir güvvədən istifadə etmək istəyirik. Bizim içərimizdə xırda mülkədarlar, müflis tacirlər nə qədər istəsən vardır. İş belə olduqda biz nə üçün özümüzə yardım əli uzadan Qafqaz sosial-demokratlarından istifadə etməyək? Siqətülislam bunu istəyir. O mənim və Bağır xanın bütün hərəkətini çərçivə içərisinə alıb, onu da öz əlində saxlamağa çalışır. Buna isə nə mən, nə də Bağır xan yol verə bilmərik. Doğrudur, bizə qonaq gəlmiş sosial-demokratlar qismən yerli şəraiti bilmirlər. Bu o demək deyil ki, bunlar dəyərsizdir. Onlar sərbəst hərəkət etməyi bacarmasalar da, mübarizə yollarını bizdən çox yaxşı bilirlər. Onlar inqilabda çox uzun və geniş təcrübə keçmişlər. Onların iti fikirləri, kəskin düşüncələri, bükülməz mətanətləri vardır. Biz bu qardaşlığı heç vaxt molla və mollaqulaqların ayağı altına verə bilmərik. Bu gün Bakı və Tiflis fəhləsinin, erməni işçisinin Təbriz küçələrində vuruşması, əlində bomba durub inqilabı müdafiə etməsi Təbriz inqilabı tarixini bəzəyəcək hallardandır. Biz heç vaxt aldanmarıq. Aldatmaq istəyənlərlə də mübarizə aparmağı bacarırıq. Sərdar yenə də Siqətülislam məsələsinə keçib dedi: – Qabaqda böyük düşmənlər vardır. Ruhanilər onu bilirlər ki, mən işi yarımçıq qoyub çəkilməyəcəyəm. Xüsusən qarşımda Əsgər Dəvatgəroğlu və bunun yoldaşları kimi alçaq adamlar olunca. Siz bilirsiniz ki, mən bunlarla çox zamandan bəri çarpışıram. İndi bu dəvəçi lotuları mənim acığıma gedib inqilab düşməni olan islamiyyənin ətrafında toplaşıblar. Bir azdan sonra Qafqaz sosial-demokratlarından bir neçəsi də gəldi. Tanışlar idi. Sərdar Əmiraxizə köçməyim üçün lazımı əmrləri verdi. İnqilab Şurası üzvü olduğumu, sabah saat on ikidə şuranın iclasına gələcəyimi əlavə olaraq tapşırdı. Axşam yeməyindən sonra mənzilimə getdim. * * * Ninanın məktubu Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu. Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!» Hafiz yerindən hərəkət etmədi. Nəticədə yol düşmənlərin əlinə keçdi. * * * Hələ Təbrizdə patron və əl bombaları hazırlamaq üçün Zaqafqaziya Ölkə Komitəsi tərəfindən görülən tədbirlər həyata keçirilməmişdi. Bu yolda lazım olacaq şeyləri gətirmək belə mümkün deyildi. Culfa–Təbriz yolu ilə gedib-gəlmək yalnız rus konsulxanasından verilən vəsiqələrlə mümkün idi. Tək-tək adamlar Təbrizə gizlincə silah gətirirdilər. Fəqət silah möhtəkirlərini təmin etmək üçün Hərbi İnqilab Şurasının əlində lazımınca pul yox idi. Təbrizdə böyük hökumət ordusu ilə vuruşmaq lazım gələcək idi. Əks-inqilab ordularını isə bir tərəfdən İran hökuməti, o bir tərəfdən isə Rusiya çarı təmin edirdi. Konsulxanada hər bir şey vardı. Mən daşnaklarla görüşmək üçün Ermənistana getdim. Onlarda silah və müharibə görmüş müsəlləh qüvvələr də vardı. Onlardan bir çoxunu gördüm. Daşnaklar Rusiyadan qorxduqları üçün bu inqilaba qoşulmaq istəmirdilər. Xüsusən, erməni burjuaziyası onların İran hökuməti üzərinə qalxmalarını bir nankorluq hesab edirdi, çünki Türkiyə və Rusiyada cinayətlər törədib qaçan daşnaklar üçün yalnız İran dövlətində yaşamaq mümkün olurdu. Çox gedib gəldikdən sonra onlar Qafqaz sosial-demokratlarından ayrılmayacaqlarını və bu mübarizədə iştirak edəcəklərini vədə verdilər. Yolum hər gün mehmanxananın qarşısından düşürdü. Günlərin birində girib Nina haqqında məlumat almaq istədim. Nina hər gün mehmanxanaya gəlib məni soruşurmuş. Axırıncı kərə bir məktub da buraxmışdı. Məktubunda vədlərimə sadiq qalmadığımı, onları tamamilə unutduğumu təkrar tənqid edirdi. Bu hadisələrlə dolu olan şəhərdə mənim tələf olacağımdan nigaran qaldıqlarını Nina bir neçə sətirdə yazmışdı. Məktubun əvəzində məktub yazaraq, görüş vaxtının təyinini Ninanın öhdəsinə buraxdım. * * * İki gün sonra mehmanxananın kiçik salonunda oturub qəzet oxuyurdum. Hövsələm daralırdı. Qəzeti bekar durmamaq üçün bir neçə dəfə oxumuşdum. Gözlərimi arxadan iki əl qapadı: – Tap görüm kimdir? İncə səs, titrək və isti əllər Ninanı xatırladırdı. – Bu əl başqasının deyil, mən gözlədiyim əldir, – dedim. Gənc Nina tamamilə dəyişmişdi. Sanki Təbrizdə bir ildən bəri istirahət içində yaşamışdı. O öz həyatından razı qaldığını bildirdi. Birinci sözü bu oldu: – Konsulun ailəsində bizi çox hörmətlə qəbul etdilər. Xüsusən məni konsulun qadını öz qızı kimi sevir. Orada da yaşayırıq. Bizim haqqımızda göstərdiyiniz səmimiyyət haqqında hər ikimiz danışdıq. Sizin mallarınızın talandığını söylədik. Konsul malınızın geri alınması və özünüzə qaytarılması üçün bizə təminat verdi. Xüsusən onun qadını sizi qonaq gətirməmizi tapşırdı. Onlar sizin bu cür mədəni hərəkətinizlə iftixar edirlər. Hər halda sizi tanımadıqlarına təəssüf etdilər. – İrandakı həyatınızdan razısınızmı? – Mən şəxsən çox məmnun qaldım. Bunlar mənim dilimi bilməsələr də, öz məhəbbətlərini gözləri, çöhrələri və hərəkətləri ilə mənə bildirmək istəyirlər. Xüsusən konsul cənablarının evinə gedib-gələnlər, tacirlər, iş sahibləri mənə çox ehtiram göstərirlər. Məni çox yerə qonaq çağırırlar. – Qonaq çağırılan yerlərə gedirsinizmi? – Hələ heç bir yerə getməmişik. Lakin yarın konsulxana mütərcimlərindən birinin evinə nahar yeməyinə getməyə söz vermişik. – O kimdir? – Adını yadımda saxlaya bilmirəm. Uca, nazik gövdəli bir adamdır. Boynu, burnu uzundur. Çox tez-tez danışır, kəlmələrin axırını yeyir. Çox mütəkəbbir və özünü tərifləyən bir zatdır. Doğrusu, mən bu adamı çox da xoşlamıram. Lakin o öz evini tərif edir. Gözəl əntiqəxanası, asari-ətiqədən qiymətli şeyləri olduğunu söyləyir. Bunu başqaları da təsdiq edir. Bunun üçün də yalnız evini görməklə maraqlanıram. – Bəlkə, bu adam Mirzə Fətulla xandır? – Hə, özüdür! Mən bunun kim və nə cür adam olması haqqında Ninaya heç bir söz demədim. Bu hələ tez idi... – Demək, Nina xanım, biz yarın görüşə bilməyəcəyik. Nina gözlərini parladaraq: – Nə üçün? – deyə sordu. – Çünki siz yarın Mirzə Fətulla xanın evinə qonaq gedəcəksiniz. – Mirzə Fətulla xan bizim üçün o qədər də əhəmiyyətli deyil. Bizi yüzlərcə Mirzə Fətulla xan kimisi qonaq çağırır. Siz isə bizim üçün təksiniz. Sizin söhbətləriniz, xüsusən məndə silinməz bir xatirə buraxmışdır. Mən son zamanlarda şərqlilərdə bəzi xüsusiyyətlər görmüşəm ki, bunları qərblilərdə çox az görmək olur. Şərqlilər, ümumiyyətlə, qadınlara qarşı özlərini yüksək tutmayırlar. Mən bu xüsusiyyəti birinci dəfə sizdə təcrübədən keçirdim. Mümkün olduqca sizdən uzaqlaşmayacağam. Doğrusu, heç kəsə ürəyim yatmır. Bilmirəm, Şərqdə ilk dəfə sizi gördüyümdənmi və ya mənim özümə də məlum olmayan bir səbəbdənmi? Hər nədənsə, sizi görmək məni daim sevindirəcəkdir. * * * Çox tez-tez görüşürdük. Görüşmək və lazımi sözləri danışmaq üçün müxtəlif yerlər təyin edirdik. Görüşmələrin sayı artdıqca, Ninanın da bu görüşlərə tələb və arzusu artırdı. Bəzən hər gün görüşürdük. Nəhayət, onu bacısından ayırmağa müvəffəq oldum. Ninanı Minasyanın evində hazırlanmış üç otağa köçürdüm. Ninadan istifadə etməli olduğumuzu Səttar xana da söylədim. Onun mənə qarşı böyük hörmət bəslədiyini, bu hörmətin möhkəm bir sevgiyə qədər vardığını da əlavə etdim. Səttar xan məni təbrik etdi, məsələ ilə son dərəcə maraqlandı. – Ayıq ol, sarıtel qız bizi satmasın, – deyib güldü. – Zənnimcə, insanı satacaq qız deyildir, fəqət onunla çox ehtiyatlı davranmalıyam. Konsulxanadan, xüsusən mütərcimlər evindən bir çox lazımi vəsiqələrin əldə edilməsinə bunun vasitəsilə müvəffəq olacağam. – Qıza böyük vədlər, hətta pəşin hədiyyələr də vermək lazımdır. – Bunların heç bir lazım deyil. O mənim məqsədimə əməl etməyi hər bir hədiyyədən artıq bilər zənnindəyəm. Sərdarın əmri ilə Minasyan çağırıldı. Minasyan incakist firqəsinin üzvüdür. Ona Nina və onun otaqları haqqında lazımi tapşırıq verildi. Sərdar əlavə olaraq otaqların döşənməsi və hər cəhətdən təmin olunmasını lazımi adamlara tapşırdı. * * * Nina Minasyanın evinə köçdü. Nina otaqların belə zəngin bir halda döşənməsi, hətta bunun az bir zamanda başa gəlməsinə təəccüb edirdi. Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı. Mən, doğrudan, özünə də hiss etdirmədən onu sevirdim. O xasiyyətdə, o səmimiyyətdə qızı sevməmək olmazdı. Onu aldatmağı, doğrudan da, bir xəyanət hesab edirdim; çünki qız bu sevgi üçün ölümə qədər gedəcəyini hər bir hərəkətində bildirirdi. Fəqət mən qızın sevgi üçün deyil, inqilaba bir inqilabçı kimi yardım etməsini istəyirdim. Bütün söhbətimizdə sevgili qızı inqilaba hazırlayır və onu inqilabın gələcəyinə inandırırdım. – Mənim bütün mallarımı özümə qaytardılar. İndi zəngin bir adamıq. Bu şeyləri də sənin üçün almışam, – dedikdə Ninanın sevincindən gözləri yaşardı və bir damla göz yaşı ipək donun üzərinə düşüb parçalandı. – Mən sizi özümə bu qədər səmimi bilməyirdim, – dedi. – Siz gələcəkdə daha da xoşbəxt olacaqsınız. Mən öz səmimi hörmətimi sizə göstərmək üçün daha başqa imkanlar əldə etməyə çalışacağam. – Sizə qəlbən inanıram. İnandığım da indi deyil, birinci gündəndir. O mənə, doğrudan, inanırdı. O, ən dəlicəsinə sevən bir qızın öz sevdiyi gəncə qarşı tutduğu vəziyyəti tutmuşdu. Bunu bütün hərəkətilə göstərirdi. O buna haqlı idi. Mən onu əyləndirəcək və razı sala biləcək bütün vasitələri hazırlamağa çalışırdım. Onsuz yeməz, onsuz da bir yerə getməzdim. O da belə idi. Lakin mən burada ifrata vardığımı anladım, çünki mənim bu dərin məhəbbətim gənc qızın rahatlığını pozurdu. O mənim inqilab hərəkatında iştirak etdiyimi və üzərimə müəyyən vəzifələr götürdüyümü bilmirdi. Buna görə də vədə verdiyim müəyyən vaxtlardan təxil etdikdə darıxır, ağlayır, hətta başqa sevgi ilə məşğul olduğumu zənn edib qısqanırdı. Nina ara-sıra bu təxirlər üçün məni tənqid etməyə də başlamışdı. Bütün bu nümayişlər bir sevgiyə, lakin dəli bir sevgiyə, hər fədakarlığa hazır olan bir sevgiyə dəlalət edirdi. Gənc qızın hərəkət və davranışları, onun qəlbindəki həyəcanları aydıncasına oxudurdu. Onun sevincli ürəyi titrək gözlərinin bacasından qollarımın arasına atılmaq istəyirdi. O danışdıqca daima ürəyinin döyüntüsünü belə eşidirdim. Bununla bərabər o, çox utanırdı. Bəzən lazımi sözlərini deməkdən belə çəkinirdi. Sevgi sözü hər bir hərəkətində var idi, lakin sözdə və dildə yox idi. Sevirəm deməyə utanırdı, lakin söhbətlərinin hamısı sevgi ətrafında cərəyan edirdi. Birimiz utanır, digərimiz qorxurdu. O, sevgisini elan etməkdən utanır, mən isə məqsədimi ona açmaqdan qorxurdum; çünki məqsəd o sevgidən daha böyük, daha mühümdür. Bir neçə gün belə davam etdik. Bütün söhbətlər onun sevgisini və mənim məqsədimi andıracaq fəlsəfələr və müəmmalardan ibarət idi. Onu hər sözdə sınayır, imtahan edir, and içdirir, qadınların tez sevib, tez də ayrıldıqları məsələsini aralığa atır və deyirdim: – Qadınların qəlbi nazikdir. Onlar çox tələsirlər. Bir kişini heç tanımadan sevirlər. Qadının qəlbi aldanır, gözləri, hərəkəti isə aldadır, nəticədə həm kişi, həm də qadının hər ikisi bədbəxt olur. Bu cür adamlar heç vaxt səmimi bir ailə başçısı olmazlar. Bunun üçün həm kişi, həm də qadın uzun zaman bir-birlərini öyrənməlidir. Nina düşündükdən sonra utana-utana güldü: – Doğrudur, – dedi, – mən özüm də belələrini sevmirəm. Mənə qalırsa sevməməyin ixtiyarı insanın öz əlində deyil. Əgər ixtiyar insanın öz əlində olarsa, sevginin bu ağırlıqlarına dözmək istəməz. İkiüzlülüyü davam etdirmək mümkün deyildi. Ninanın həyəcan və iztirabını hiss edərək ruhən əzab çəkirdim. Ona inanmamaq ya idraksızlıq, ya da rəhmsizlik idi. Nina çox zamandan bəri ətində, qanında bəslədiyi sevgini lal bir hərəkətlə ifadə etməkdən yorulmuşdu. Ən sonda onu sözlə də dedi: – Sevirəm! Məzəmmət etmə! Nina bu sözü dedikdə utandı və əlini gözlərinə qoyub yataq otağına qaçdı. Qapını arxasınca qapadı. Mən isə ayağa durub mənzilimə qayıtdım. * * * Mən tacir deyiləm Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim: – Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız. Nina bu sözlərdən sonra gözlərimin içinə baxdı. – Mən bir şeyi bilmək istərdim. – Nəyi bilmək istəyirsiniz? – Sizin inqilab tərəfdarı olduğunuzu birinci gündən hiss edirdim. Sizin mətanət və əzminiz də bunu göstərir. Fəqət təyin etmədiyim bir şey varsa, o da sizin inqilaba nə məqsədlə qoşulmanızdan ibarətdir. Həqiqi inqilabçımısınız? Və ya inqilaba ticarət və şəxsi mənfəət üçünmü yanaşırsınız? Bunu bilsəydim, qəti fikrimi deyə bilərdim. – Bunu nə üçün soruşursunuz? – Hərgah pul üçünsə, təhlükəsiz ticarət mümkün deyilmi? – Paraya ehtiyac yoxdur. Ehtiyacım olsa da inqilabi məqsədlər üçündür. Bu sözüm sizə olan məhəbbətim qədər səmimidir! – Elə isə mən inqilabda nə kimi bir vəzifə götürə bilərəm? – Birinci növbədə Rusiyaya gedib-gəlmək üçün konsulxanadan vəsiqələr əldə etmək lazımdır. – O vəsiqələrlə mənmi Rusiyaya getməliyəm? – Hər kəs gedirsə, getsin. Hələlik vəsiqəni əldə etmək üçün düşünməliyik. Nina başını aşağı salıb düşünürdü. Şübhəsiz ki, məni saxta bir sima hesab edir, onu öz məqsədlərinə xidmət edən bir alətə çevirmək istədiyimi zənn edirdi. Üzündə bir tərəddüd görünürdü. Uzun kirpiklərini bir-birinin üstünə töküb durmuşdu. Lakin məsələ, onun düşündüyü kimi deyildi. Mən də onu sevirdim. Fəqət onu da özüm gedən yol ilə aparmaq və əqidə sevgisi yaratmaq istəyirdim. Çox fikirdən sonra dəyirmi gözlərini gözlərimə dikib: – Hərgah sənin sevgin məndən bunu tələb edirsə, hazıram. Bu təklifi məmnuniyyətlə qəbul edirəm – dedi. – Bunu bizim sevgimiz yox, məzlum bir xalqın taleyi tələb edir. Bizim sevgimiz də inqilab hərəkatına başlamış kütlələrin taleyindən asılıdır. İnsanı yalnız bir sevgi təmin edməz. Biz öz sevgimizi inqilab hərəkatının tələblərinə tabe tutmaya bilmərik. – Mənim heç bir sözüm yoxdur. Sən düşüncəsiz və bacarıqsız adam deyilsən. Təkbaşına iş görmək də çətindir. Buna mühit də icazə verməz. Tək irade, təkbaşına təşəbbüs kütləyə bir şey verməz. Hərgah sən inqilaba sadiqsənsə, sən bir cəmiyyətə qoşulubsansa, mən də öz xidmətimi əsirgəmərəm. Yalnız bunu bilmək istəyirəm, sən mənimlə öz tərəfindənmi, bir cəmiyyət və ya təşkilat tərəfindənmi danışırsan? – Mən özümdən heç bir şey demərəm. Bunu cəmiyyət adından deyirəm. Əgər siz bundan məmnun deyilsinizsə, yenə də məcburiyyət yoxdur. Sizin bu təklifdən boyun qaçırmağınız bizim tanışlığımıza heç bir zərər yetirə bilməz. Nina yenə də fikrə getdi. Bir neçə dəqiqə düşündü. Mən indi masa üzərindəki məcmuələrə baxırdım. Nina qəti sözünü dedi: – Siz doğru deyirsiniz. Bilirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir. Bilirəm ki, heç bir vasitə o hörmətə təğyir verməz. Lakin bir şeyi də bilirəm. Əqidə birliyi olmayan yerdə, sevgi birliyi də ola bilməz. Mən yalnız sevgi üçün deyil, öz maraq və duyğum üçün də siz təklif etdiyiniz cəmiyyətin nəfinə işləməyə söz verirəm. Demək siz tacir deyilsiniz. – Əlbəttə, yox. Tacir deyiləm, – deyim. Nina çox şadlanırdı. Çöhrəsində ümid və sevgi nişanələri parlayırdı. Çayı içdik. Mən onu artıq narahat etmək istəmədim. Vidalaşıb birbaşa Sərdarın yanına getdim. * * * Sərdarın yanına daxil olmaq üçün hər dəfə icazə istəmək lazım deyildi. Daimi icazə vərəqəsi ilə onu gecə saat on ikiyə qədər görmək mümkündür. İçəri girdikdə Hacı Mehdi Kuzəkünanini Sərdarın yanında gördüm. Hacı Mehdi Sərdarın yanına mühüm bir iş üçün gəlmişdi. O öz sözlərində tamamilə burjuaziyanın inqilab üzərindəki təzyiq rolunu ifa edirdi. – Mən deyirəm, biz bazarın nırx məsələsinə qarışmayaq. Biz istibdadla mübarizə aparsaq bəsdir. Anbar sahibləri tamamilə nüfuzlu adamlardır. Nırx qoyduqda onların mənafeyi tapdanır, onların əks-inqilab dəstələrinə qoşulmaları üçün bu da bir bəhanə olur. Səttar xan Hacı Mehdinin bu sözlərini diqqətlə dinləyirdi. O, qəlyanın qəmişini hələ ağzından çıxarmamışdı. Nəhayət, Hacının danışmasından ürəyim darıxdı. Bunu Səttar xanın özü də hiss edirdi. Axırda Səttar xan: – Qəlyanı aparın! – deyə səsləndi. Gəlib qəlyanı apardılar. Səttar xan isə sözə başladı: – Nırx məsələsi mühüm məsələdir. Anbar sahibləri bizi şəhərin kənarında duran düşmənlərdən daha artıq boğmağa çalışırlar. Onlar gündən-günə taxılın qiymətini qaldırırlar. Biz nırx məsələsinə qarışmasaq, vəziyyətimiz get-gedə ağırlaşacaqdır. – Mən ərz edirəm ki, biz bu məsələyə qarışsaq, işimiz daha çox ağırlaşacaqdır. – Hacı, siz səhv edirsiniz. Anbar sahibləri kimdir? Mirzə Möhsün ağadır. İmamcümədir. Bunlar daxildə iğtişaş hazırlayırlar. Bahalıq bir gün bütün Təbrizi bizim əleyhimizə qaldıra bilər. – Mən təklif edirəm ki, məsələni əncümində qoyub həll edək. Səttar xan məsələni əncümində qoymaq üçün bir söz demədi. Həmişə əncümən məsələsi aralığa gəldikdə o susurdu. Bir inqilab diktatoru kimi hərəkət etməkdən qorxurdu. İxtilaf meydana çıxacağından ehtiyat edirdi. Mən Hacı Mehdi ilə bir neçə dəfə görüşmüşdüm. O, yalnız mənim deyil, bütün Qafqazdan gələnlərin fikri ilə hesablaşmaq istəmirdi. O da Siqətülislam müctəhidin fikrində idi. Mən bir neçə kəlmə danışmaq üçün Sərdardan icazə istədim. – Buyurun, buyurun! – deyə icazə verdi. – Mən Hacı cənablarını çox diqqətlə dinləyirdim. Hacı məni bağışlasın. Bu fikirlər inqilabçı fikri deyil. Bir hökumətin əleyhinə üsyan qaldıran və heç bir fəlakətdən qorxmayan inqilabçıların beş nəfər anbar sahibindən qorxması inqilab tarixi üçün bir ləkədir. Anbarlar çoxdan bəri inqilab hesabına ələ gətirilməli idi. Mən onları müsadirə etmək fikrini meydana sürmək istəmirəm, çünki inqilab sırasında bir çox mollanın, varlının olması «müsadirə haramdır» deyə buna yol verməyəcəkdir. Lakin sabahdan etibarən bütün taxıl anbarlarını siyahıya alıb məhsulu müəyyən qiymətlə camaata satdırmalıyıq. Belə olarsa camaat inqilaba iki əli ilə möhkəm yapışar. Səttar xan səsləndi: – Qəlyan gətirin! Çay gətirin! Qəlyan, çay gətirildi. Səttar xan börkünü götürdü, əlini başına, sonra da bığlarını çəkdi. Zatən bu, Səttar xanda adət idi. Həmişə mühüm bir məsələni həllə başlamadan və mühüm bir cavabı vermədən əvvəl əlini başına və bığlarına çəkərdi. O, başına hərəkət verərək sözə başladı: – Mən elmsiz bir adamam. Lakin bu kimi şeyləri anlamaq üçün heç də çətinlik çəkmirəm. Bir ağırlıq varsa, o da bildiyimi, anladığımı həyata keçirməkdir. Mən bilirəm ki, taxılları hesaba almaq lazımdır. Nəinki şəhərin içərisindəki taxılları, hətta Sərdruddakı, Qızılca meydanındakı, Sofyandakı taxılları da əlimizə almalı idik. Fəqət qoymayırlar. Hacı Mehdi Səttar xanın bu sözünün qarşısında heç bir şey demədi. Zatən İranda bu adət deyildi. Böyük adamların fikri qarşısında heç bir fikir ola bilməz. Bunun üçün də Hacı Mehdi Səttar xana verəcəyi cavabı mənə verməyə başladı. – Möhtərəm rəfiq! – dedi. – Biz inqilab etmişüx... Biz hökumətlə vuruşurux. Bizim əllaflıq etməyə vaxtımız yoxdur. İnqilab taxıl alış-verişilə məşğul olsa, böyük xanlar, zərğamlar, hacı Musa xanlar sabah bizim dədəmizə od vurar. Bu gün biz taxılın üstünə əlimizi bassaq, sabah bir nəfər adam belə Təbrizə taxıl gətirməz. Səttar xan qəlyanı tələsik ağzından çıxarıb: – Onsuz da, – dedi, xaricdən taxıl gətirilməyəcəkdir, çünki mühasirə xətti get-gedə daralır. Mən danışmırdım. Danışığın artıq faydasız olduğunu bilirdim. Bunu Səttar xan da hiss etdiyindən söhbətin istiqamətini dəyişdi: – Hacı getdikcə cavanlaşır. İnqilab Hacını cavan bir oğlan halına gətirmişdir. Hacı güldü. Börkünü əlinə götürüb onun «güllərini» yatırmaq üçün əlilə börkünü tumarladı. – Doğrudan da, dünəndən bəri bu sözü mənə bir çoxları demişdir. Özüm də aynaya baxmışam. Görürəm ki, təzə börküm məni lap cavan göstərir. – Ləbbadəni çıxarıb yaxşı bir «sərdarı» geymiş olsaydın, lap nişanlı bir oğlan şəklinə düşəcəkdin, – deyə Sərdar güldü. Hacı Mehdi özündən, ailəsindən, hətta yediklərindən çox bəhs etdi. Uzun danışıqlardan sonra Səttar xan ona müraciətlə: – Hacı mürəxxəssiniz, – dedi. Hacı Mehdi qalxıb getdi. Zatən bu söz İran kübarlarının arasında adətdi. Böyük adamlar icazə verməmiş onun məclisində oturanlar durub getməzdilər. Hacı Mehdi çıxdıqdan sonra Səttar xan mənə müraciət etdi: – İndi qafqazlı yoldaşlar bilsin ki, biz inqilabı nə kimi adamların içərisində aparırıq. Hərgah namusum qəbul etsəydi, Əsgər Davatgəroğlu, naib Həsən Kababçıoğlu kimi alçaqlar olmasaydı, çəkilib bir tərəfdə oturardım. Lakin iş işdən keçibdir. İnqilabın bütün ağırlıqlarını öhdəmə almışam. Sizə məsləhət görürəm ki, bunlarla heç vaxt bəhs etməyin. Bunların hər birinin cibində yüz əqidə vardır. Siz bilirsiniz ki, mən heç kəsə güzəştə getmərəm. Lakin bəzən bunların qarşısında güzəştə getməyə məcbur oluram. Bunun hamısı inqilabın xatırınadır. Hacı məsələni əncümənə həvalə edir. O bilir ki, əncüməndə səs varlıların əlindədir. Bu söhbətlərdən sonra Sərdar sözü Nina məsələsinə gətirdi: – Vəziyyət ağırdır. Fişəng, əl bombaları yoxdur. Bunları hazırlamaq üçün əldə edilən şeylər hamısı da suyun o tərəfindədir. Bəlkə, Ninadan bir mətləb hasil oldu. – Nina məsələsi düzəlmişdir. Ondan ən səmimi və fədakar bir yoldaş hazırlaya biləcəyimə əminəm. O, inqilabda vəzifə götürəcəyinə sevinir. – Ona lazım olan şeylər verilmişdirmi? – Otaq və lazım olan şeylər barəsində tamamilə təmin edilmişdir. Çox da razı qalmışdır. – Məsarif və xərc cəhətindən də təmin olunmuşdurmu? – Ona pul vermək yaramaz. Özü də qəbul etməz. Lazımi şeylər üçün pulu mən özüm verərəm. – Heç vaxt xəsislik etməyin. Bir şahılıq iş görənlərə beş şahı verməkdən çəkinməyin. Onu özü istədiyi kimi yaşatmalısınız. O, istəsə bizə böyük yardım edə bilər. Məndən ona salam yetirin. O bizi çox da həqir saymasın. Biz on milyonluq camaatın dərdlərini deyirik, haqlarını istəyirik. Ona mənim dediyimi eynən söyləyin. – Sərdar, sizi əmin edirəm ki, o qız bizim yoldaşımızdır. – Qadınlar inqilabı çox sevir. Onlar inqilab rəhbərlərini xariqüladə bir qüvvətə malik olan sima hesab edir. Bu gün bir dul qadından aldığım məktub bunu tamamilə isbat edir. Gör bir nə yazır: «Bilirəm neçə qadınınız vardır. Bu mənim üçün heç də ayıb deyildir. Mən özüm də dul qadınam. Çox dövlətim, kəndlərim vardır. Sizi də görməmişəm. İnqilab qəhrəmanı olduğunuzu bilirəm. Mən sizin adınızı məmnuniyyətlə qəbul edərdim. Əgər siz bunu qəbul etsəniz özümü xoşbəxt hesab edərəm». Sərdar məktubun qısa məzmununu söylədi. Yazının adını da demədi. Hər gün belə məzmunda yüzlərcə məktub aldığını qeyd edərək dedi: – Zənnimcə, inqilabın ağırlığını qadınlar da daşıya bilər. Onlar da inqilabı hərəkətə gətirən həqiqi qüvvələrdən ola bilərlər. – Doğrudur, Sərdar, qadınların cəmiyyət işində çalışması son dərəcə əhəmiyyətli və zəruridir. Yemək vaxtı idi. Şam yeməyini bir yerdə yedik. Süfrəyə başqalarını da çağırdı. Süfrə Təbriz əyalarında olduğu kimi təntənəli deyildi. Yeməklər ət suyu və ətdən ibarət idi. Gecə saat bir olmuşdu. Mən ayağa qalxdım. Sərdar məni mənzilimə qədər yola salmağı yanındakı adamlara tapşırdı. «Heç kəs lazım deyil», deyib dışarı çıxdım. * * * Nina ərə gedir Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim: – Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil. Neçə gündən bəri Ninanın Arşak Surenyansa ərə getdiyini, toylarının Gömrü şəhərində baş tutacağını və yaxında gedəcəklərini çox adam eşitmişdi. Təhminə xanım məni görən kimi təəccüblə dedi: – Ay oğul, bu nə xəbərdir? Gecə-gündüz can deyib, can eşitdiyiniz qız nə üçün səni satdı? – Eybi yoxdur. Biz tanış idik. Tanışlığımız yenə davam edəcək. Biz evlənmək üçün bir-birimizə söz verməmişdik. Zeynəb bacı çarqatının ucu ilə gözlərini silib dedi: – Yazıq qardaşıma hiylə qurdular. Qız bundan ötrü özünü öldürürdü. Bir saat gec gələndə bilmirdi ki, nə eləsin. Qız birdən-birdən dəyişildi. – Təhminə çox yaşayıb, çox da bilir. Nə olubsa – bu evdən olub, qıza cadu elədilər. Bu cür qızı müsəlmana qismət olmağa qoymazdılar. Öz ermənilərinə düzəltdilər. Təhminə xanım bu sözlə Minasyanın qadını Şuşanik xanıma işarə edirdi. Şuşanik xanım isə balalarının canına and içib xəbəri olmadığını dəfələrlə söyləyirdi. Ninanı gözləyə bilmədim. Sərdarın yanına getməli idim. * * * Bu günlərdə Təbrizdəki silah ehtiyatı qurtarırdı. Qaradağlıların hücumunun qarşısını sadə tüfənglə saxlamaq mümkün deyildi. Pulemyota böyük ehtiyac hiss olunurdu. Bu da yoxdu. Əl bombaları qurtarmaq üzrə idi. Mən Sərdarın yanına girərkən gizlin patron gətirənlərə veriləcək pul üstündə danışıq gedirdi. Patronun biri bir qrana qiymət olunurdu. Bununla da azı on minə qədər silah götürən inqilab ordusunu heç vəchlə təchiz etmək mümkün deyildi. Sərdar çox acıqlı idi. Patron gətirənləri təmin etmək üçün istənilən pul haqqında Hacı Mehdi ilə sözləşdiyini sonradan eşitdim. Mən öz planım haqqında Səttar xana heç bir söz deməmişdim. Sərdar məclis dağılandan sonra yenə də bu xüsusda ətraflı düşünməli olacağımızı təkrar etdi. Arazın o tərəfində hazırlanmış şeyləri gətirmək üçün tədbir görülməsini tapşırdı. * * * Nina səhər tezdən səfərə çıxacaqdı. Səttar xanın evindən qayıdıb yenə də onun evinə getdim. Təhminə xanım hələ evdə idi. Zeynəb bacı ilə hər ikisi divanın üstündə büzüşüb oturmuşdu. Məni görərkən Şuşanik də gəldi. Bunlar Ninanın ərə getməsi səbəbilə mənim bir ixtilaf çıxaracağımdan qorxurdular. Nina onlara baxıb mənə göz vururdu. Aralıqda fırlanıb çay və yemək düzəldirdi. Gəlib mənimlə əl-ələ verdi. Adəti üzrə məni dalı-dalı aparıb qoltuqlu sandalyada oturtdu. Təhminə bunu görərkən Zeynəb bacıya deyirdi: – Sən Allah bir qızın üzünə bax! Abrına bax! Biz olsaq əriyib yerə girərdik. Utanmır da, yenə oğlanın üzünə gülür. Zeynəb də başını tərpədib dedi: – Bunlarda vəfa olmaz. Bunlar bizim millətimizlə yaşamazlar. Qardaşım daha bunun nəyinə lazımdır? Evini düzəltdi. Əynini-başını düzəltdi, adam içinə çıxartdı, bəsdir. Qıza da bu lazım idi. Şuşanik özünü saxlaya bilməyib sözə qarışdı: – Bunlar məni taxıb şişə, tutub odun üstünə, deyirlər ki, qız Arşaka ərə getməzdi, bunu eləyən Şuşanikdir. Necə ki, bayaq demişdim, indi də deyirəm, sizin bir tükünüzü yüz Arşak kimi adama verməm. Əslinə baxsan taqsır qızın özündədir. Sarıtüklülərin hamısını belə görürəm. Bunlarla bizimki tutmaz. Əgər sizə evlənmək lazımdırsa, elə qız taparam ki, gözmuncuğu kimi. Gülmək istəyirdimsə də özümü saxlayırdım. Onları sakit etmək üçün: – Mən Nina ilə sadəcə tanışam, – dedim. – Ona evlənmək istəmədim. Yoxsa qızın buna sözü yox idi. Təhminə tab gətirə bilməyib: – Bir adam ki, sevmir və evlənmək istəmir, daha nə üçün qız uşağı ilə oturub-durur? – cavabını verdi. – Məyər yalnız evlənmək üçün oturub-dururlar? Başqası ilə tanış kimi, yoldaş kimi oturub-durmaq olmazmı? – Əlbəttə ki, olmaz. Bizlərdə belə adət yoxdur. Cavan qızla oturub-durmaq və onu almayıb özgəsinə ərə vermək ayıbdır. Nina axşam yeməyi hazırlamışdı. – Yeməyi verimmi? – deyə soruşdu. Mənsə «səbir elə» dedim: – Qoy Arşak da gəlsin. Bir yerdə yeyərik. Təhminə xanım və Zeynəb bacı bunu eşidərkən acıqlı bir halda durub getdilər. Arşak gəldi. Yeməyi yedik. Gecə saat birdə Arşakla mən Ninanı evdə buraxıb çıxdıq. * * * Sərdardan təlimat almaq lazımdı. Mən onun yanına daxil olarkən o mənim üzümə baxıb acıqlı bir surətdə güldü. Bu gülüş həm qəzəbi, həm də acı bir istehzanı ifadə edirdi. Mən düşünürdüm. Əcəba, bu nə üçündü? Nə mən, nə də yoldaşlarımız Sərdarın acığına səbəb olacaq heç bir hərəkətdə olmamışıq. Səbir etdim. Səbəbini soruşmadım, çünki məhəllə nümayəndələri mücahidlərdən bəzilərinin uyğunsuz hərəkətdə olmaları haqqında şikayət etməyə gəlmişdilər. Bu cür şikayətlər çox olurdu. Sərxoşluq edən çox idi. İnqilabı öz şəxsi mənfəətinə alət edənlər də yox deyil idi. Sərdar bu kimi mücahidlərin adını yazdırdı və getmək üçün onlara icazə verdi. Bir mən qalmışdım. Sərdar bir də istehza ilə mənə baxıb sözə başladı: – Mən bilirdim ki, qadına etibar yoxdur. Xüsusən bu sarıtüklü qadınlar Təbrizi bir-birinə vurdular. Mən sənə dedim ki, ayıq ol, mən sənə tapşırdım ki, tanınmamış hər adama sirr vermək olmaz. Bu da sənin sevgili və etibarlı qızın Nina. Bizi satmamış bircə o qalmışdı. O da bizi rus konsulu Millerə satdı. – Nə olmuşdur, Sərdar? Nə eşitmisiniz? – Ninanın ərə getdiyini eşitmədinmi? – Necə ki, eşitmədim. Eşitmişəm. Sizinlə də o barədə danışmağa gəlmişəm. – İndi ki, ərə gedibdir, daha nə danışmaq? Ona cehizmi verməliyik? Görünür, qadınlarla rəftar etmək barəsində bir qədər zəifsiniz. Tez aldanırsınız. Onların yalan sevgiləri, süni göz yaşları sizin iradənizi çox tez poza bilirmiş. – Elədir, Sərdar. Mən qıza çox tez inandım. Qızın özü də inanmalı və sevimli qızdır. Zənn edirəm ki, onu Sərdarın özü də görsəydi inanardı. – Ərə gedəndən sonra yenədəmi ona inanırsan? – O da mənə inanır. Əgər inanmasaydı, mən göstərdiyim adama ərə getməzdi. – Kimə ərə getmişdir? Allah onun toyunu heç mübarək eləməsin! – Sərdar, elə deməyin. Öz yoldaşımıza vermişəm. – Kimə? Necə yəni öz yoldaşımıza? – Arşaka. Surnyansa. Onlar Aleksandropola getmək üçün konsuldan iki vəsiqə almışlar. Vəsiqələr də qoynumdadır. Bunlar qayıdıb gələndə fişəng və bomba qayırmaq üçün lazım olan maşınları da özləri ilə bərabər gətirəcəklər. Sərdar düşündü. Üzümə çox təəccüblə baxdı. Başını tərpədərək dedi: – Bu plan kimin planıdır? Bunu bilən varmı? – Heç kəs bilmir. Planı özüm qurmuşam. Bir Nina, bir Arşak, bir mən bilirəm, bir də sizə söylədim. – Çox sağ ol. Yoxsa mənim qanım qurumuşdu. Qızı lazımi qədər təmin et. Görünür ki, qəhrəman bir qızdır. Gələcəkdə o bizə daha böyük yardımlar göstərə bilər. * * * Nina ilə Arşak getdikdən iki gün sonra Ninanın bacısı belə bir teleqram almışdı: «Mərənd şəhəri ilə Culfa arasında bütün şeylərimiz, hətta vəsiqələrimiz də oğurlandı. Özüm və ərim üçün iki vəsiqə göndərməlisiniz. Vəsiqələr İran Culfasında konsul agenti Jarski cənabının ünvanına göndərilməlidir». Teleqram alınan kimi vəsiqələr göndərildi. Beləliklə, itmiş vəsiqələrdən daima Təbrizlə Culfa arasında patron və sair şeylər gətirmək üçün istifadə olunmağa başlandı. Heç bir şey oğurlanmamışdı. Bu teleqram daha iki vəsiqə almaq üçün vaxt ikən qurulmuş bir tədbir idi. Ninanın özü də Arşakla bərabər Təbrizə qayıtdı. Nina və Arşakın gətirdiyi mallar rus Culfasında Nəsrulla Şeyxovun anbarından götürülüb konsulxananın özünəməxsus nəqliyyat vasitəsilə Təbrizə gətirilmişdi. Təbrizdə cəhənnəm maşınları və böyük həcmdə bombalar qayıdıb meydana çıxardıq. Bombalardan ən böyüyünü imtahan etmək üçün bir komissiya təşkil olundu. Bomba Əmrəxiz xarabalarında imtahandan keçiriləcəkdi. Mücahidlərdən və əncümən üzvlərindən də çox adam toplanmışdı. Bomba atılanda, doğrudan da, bir cəhənnəm qiyaməti qopardı. Səsindən bütün Əmrəxiz silkələndi. Bir neçə xaraba divarın altını üstünə çevirdi. Bombalar çox müvəffəqiyyətli çıxmışdı. Bombalar Bolqariyada qayrılan bombalardan daha qüvvətli, daha təxribedici idi. Biz Sərdarın nə deyəcəyini gözləyirdik. Nəhayət, Sərdar gözlərinin tozunu sildi. Sözə başlayaraq: – Bu cür bir bəlanı insan içərisinə atmaq dindən və insafdan uzaqdır. Çox insan tələf edər. Çox da evlər dağıdar. Belələri daha qayrılmasın, şəhər içində atılması yaramaz – dedi. Nina Qafqazdan qayıdıb Millerin evinə getdikdə uşaqdan böyüyə qədər onun ailə həyatı ilə maraqlanırdı. Konsulun qadını balaca Ninanı qucaqlayıb öpdü, toylarının necə keçdiyini soruşdu. Nina çox məhzun və ümidsiz bir cavab verdi. – Ailələri çox nanəcib bir ailədir. Evi, bağçası, başqaları kimi dirriyi yoxdur. İri şəhərdə deyil, Aleksandropolun uzaq bir kəndindədir. Biz oraya getməli olsaq, mən orada bir gün də yaşaya bilmərəm. Çox yoxsuldurlar. Quru həsir üstündə otururlar. Kəndliləri mənim üstümə, başıma baxıb gülürdülər. Xüsusən Arşakın keçmişi də yaxşı deyilmiş. Konsulun ailəsi bu vəziyyətə çox təəssüf edirdi. General-konsulun özü də kabinetindən çıxıb bu söhbətə gəldi. Ninanın alnından öpdü. – Qızım, xoşbəxtliyiniz baş tutdumu? Nina artıq bir aktrisa rolunu oynamağa başlamışdı. Boğazı tutuldu. Danışa bilmədi. Əlini gözlərinə qoyub qızların məşğuliyyət otağına çəkildi. Konsulun qadını Ninanın yeni həyatını çox böyük bir təəssüflə nağıl etməyə başladı: – Gənc qızların sevgisi başlarına bəladır. İndi nə etmək olar? Sevdi, getdi. Elə bir adama getdi ki, yazıq qız onun həyatını nağıl edərkən, xəcalətindən tərləməyə başladı. Heç bir şeyi yoxmuş. Ailəsi də kübar deyilmiş. Miller başını tərpədib qadınını dinləyirdi. Papirosunu yandırıb sözə qarışdı: – Almanlarda gözəl bir məsəl vardır: qadınlar ağlından, kişilər isə gözündən tələyə düşür. Ağılsız qız gözəl gənci görürkən sevir. Onun ailəsini və həyatını əynində gördüyü şıq paltarları ilə ölçür. Sevişir və evlənir. Nəticədə bizim Ninanın düşdüyü vəziyyətə düşür. * * * Hələ mən yerimdən qalxmamışdım. Qapını vurdular. Durub açdıqda Təhminə xanımı gördüm. Nə üçün gəldiyini soruşduqda gülərək: – Gördünmü qızın başına nə bəla gəldi? – deyə cavab verdi. – Hansı qızın? – Ninanın, ağılsız Ninanın!.. – Nə oldu ki? – Nə olacaqdır. Arşakdan boşandı. – Nə üçün boşanmışdır? – Deyir ki, o arvad saxlayan deyil, gecə-gündüz kefli olur. Nə bilim nə olur. – Elə isə çox əcəb eləyibdir... Bu sözə Zeynəb bacı da gəldi. O da həmin sözləri təkrar edirdi. Nina bu söhbətləri konsulxanada da demişdi və boşandığını xəbər vermişdi. Mən Ermənistana getmişdim. Qayıtdıqda Ninanın yanına getdim. Ninadan bəzi mühüm məlumat almaq lazım idi. Konsulxanada nə kimi işlər görüldüyündən xəbərsizdik. Qaradağlıların yeni hücumları haqqında çıxan şayiələr get-gedə çoxalırdı. Mən içəri girdikdə Minasyanın qadını Şuşanik xanımı gördüm. O məni gördükdə çox sevindi. Nina evdə idi. Mən içəri girən kimi, «otur» deyə sözə başladı. – Qəribə xəbər vardır. Təbrizi yeni bir fəlakət gözləyir. Səni görmək istəyirdim. – Nə xəbər? – Rəhim xan Çələbiyanlının 1200 atlı iki alay piyada, bir neçə topla hərəkət etdiyini Əhər şəhərindən konsula xəbər vermişlər. Konsulxanadan şifrə ilə Tehrana və Peterburqa xəbər göndərildi. Ninanın yanında oturmağa vaxtım yox idi. Oradan çıxıb Əmrəxizə gəldim. Yeni xəbəri Səttar xana söylədim. Sərdar telefonla əncümənə xəbər verdi: – Mücahidlərin evlərinə buraxılması məsələsi gündəlik müzakirələrdən götürülməlidir. Sərdar telefonda kiminlə isə acıqlı danışırdı: «Hə, hə», deyə rəngi dəyişirdi. – Mən əmr edirəm ki, bir nəfər mücahid belə evlərinə buraxılmasın. Mən məsarif üçün pul taparam. Telefonla hər sözü demək olmaz. Dediyim kimi olmalıdır. Olmazsa məsuliyyət sizin öhdənizdədir. Səttar xan telefonu yerə qoyub dedi: – Bunlar hər bir şeyi ticarət və qənaət nöqteyi-nəzərindən ölçürlər. Yenə də Hacı Mehdidir. «Artıq adamları buraxmalıdır. Xalqın pulu ilə müftəxorları doyurmaq olmaz» – deyirlər. Şeytan deyir, bu alçaqları hökumət ordusunun qabağında burax, çəkil get işinə! Nə edim, namus qoymur. Sərdar lazımı adamları yanına çağırdı. Nobər, Maralan tərəfindən müdafiə hazırlığı görülməsi haqqında əmr verdi. Bağır xanla görüşmək üçün gedəcəyini söylədi. Fayton hazırdı. Mən də Bağır xanın yanına getdim. * * * Bağır xan Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim. Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı. Bağır xanın əyləşdiyi ümumi otağa girdik. Burada oturanların hamısı silahlı adamlardan ibarət idi. Bunlar əksəriyyətlə Təbrizdən və Təbriz ətrafında toplananlar idi. Qafqazdan gələnlərdən burada bir nəfər belə yox idi. Burada bir neçə yerli qafqazlılara, ata-babadan yerləşib qalan qarabağlılara rast gəldim. Səttar xan içəri daxil olanda Bağır xan ayağa qalxdı. Əl verib öpüşdülər. Orada olanların dediyinə görə bu adət iki qəhrəmanın arasında həmişə davam edirmiş. Söhbət ümumi söhbət idi. Cəbhə, səngər, silah, patron, tüfəng söhbəti idi. İstibdaddan, irticadan, çörək qiymətindən danışırdılar. Mən Bağır xana çox diqqətlə qulaq verirdim. Onun heç bir xasiyyəti Səttar xana bənzəmirdi. Səttar xan bir çoxlarından məsləhət gözlərdi. O, heç zaman özünü başqasından yuxarı tutmazdı. Bağır xan isə belə deyildi. O, hər sözbaşı «biz hamısını bilirik» deyə cavab verirdi. Başqa cavabı yox idi. Arası kəsilmədən çay və qəlyan gətirirdilər. Səttar xanla Bağır xan qalxıb xüsusi otağa keçdi. Məclisdə olanlar bir-biri ilə danışırdı. Mənim yanımda da bir mücahid oturmuşdu. O mənimlə danışmaq üçün bir yol arayırdı. – Yəqin ki, siz Təbrizə təzə varid olubsunuz? – dedi. – Xeyr, mən buralıyam! – Mən sizi birinci kərədir görürəm. – Çox da bayıra çıxan adam deyiləm. – Adınız nədir? Adımı söyləmədim. Yalnız: – Mənə «Zərgəroğlu» deyərlər, – dedim. – Belə görünür ki, ermənisiniz. – Bəli erməniyəm, bəs sizin adınız nədir? – Adım Bağır ağadır. Özüm də Salarla yaxın qohumam. – Əmisi oğlusanmı? – Xeyr! – Qardaşı oğlusanmı? – Xeyr! Çox yaxın qohumuq, özümün də xatırımı çox istəyir. – Necə qohumsunuz? – Saların dayısı arvadının baldızı oğluyam. – Çox gözəl. Sizi təbrik edirəm. Sizin də Salar cənabları kimi qəhrəman olmağınızı istəyirəm. Bəlkə də, qəhrəmansınız. – Daha nə deyim. Adam özünü tərif edəndə bir az yaxşı düşməz. Səngəri təkbaşına saxlaram. O gecə Mərənd atlılarından ikisini vuran mən idim. Amma heç kəsə demədim. Mən çox da şöhrət sevən adam deyiləm. Adamı tanıyan tanısın. Bax, görürsən ki, mən heç bir söz deməmiş, siz özünüz qəhrəman və igid adam olduğumu bildiniz. – Belə də olmalıdır. Ümumi iş yolunda çalışmalısınız, – dedim. – Görünür ki, siz bomba atansınız! – dedikdə mən düşündüm, çünki Təbrizdəki ermənilərin gürcülərin hamısı bomba qayıran və bomba atanlardır. Buna görə də Təbrizdə bu cür adamları görən kimi uzaqdan göstərib «bombaçıdır» deyirdilər. Bağır ağa hələ söhbətini bitirməmişdi. O, indi də Bağır xanı tərifləmək üçün sözünə davam etdi: – Səttar xanın yalnız adı çıxmışdır. Amma sənə sədaqətini deyirəm. Demə ki, qohumudur, tərif edir. Öz başım üçün, Səttar xan Bağır xanın dırnağı da olmaz. Sənə deyirəm ki, kişidə div ürəyi var. Kişi istəsə bu gün işi qurtarar, amma adam qırmaq istəmir. Bunun üçün də Səttar xan həmişə Bağır xanın hörmətini saxlayır və hər bir məsləhətdən ötrü yanına gəlir. Doğrudan da, Səttar xan daima Bağır xanın hörmətini saxlar və onun bəzi uyğunsuz hərəkətlərinə güzəştə gedərdi. Bunu isə Təbrizin ağır vəziyyət keçirdiyi bir halda ixtilaf törətməmək üçün edirdi. Çayı içib stəkanı yerə qoymuşdum. Stəkanı aparmaq istədikdə Bağır ağa stəkan aparan adamın qulağına bir şey pıçıldadı. Şübhəsiz ki, mənim erməni olduğuma inanmışdı. Stəkanı ayrı qoyub təmizləmək əmrini verdi. Oturub düşünürdüm. Səttar xanın məni Bağır xanla tanış etməməsi, doğrudan da, uyğunsuz bir iş idi. Buraya qədər gəlib boş qayıtmağımın da mənası yox idi. Mən bu düşüncədə ikən xüsusi otaqdan biri çıxıb yanıma gəldi. – Sizi cənab Salar yanına dəvət edir, – dedi. Özü qabaqca, mən isə dalınca getdim. O, qapını açıb məni içəri buraxdı. Yenə də qayıtdı. Salar mənə iki əlini uzatdı. Əlimi sıxandan sonra barmaqlarını dodaqlarına və başına qoydu. Yer göstərdi: – Buyurun, əyləşin. Sərdarın qonağı bizim də möhtərəm qonağımızdır. İndiyə qədər görüşmədiyimizdən təəssüf edirəm, – dedi. Sonra Salar lazımı məsələyə keçib yenə də ümumi salondakı sözlərini təkrar etməyə başladı: – Ağa, biz hamısını bilirik. Biz bilirik ki, düşmənimiz yatmamışdır. Səttar xanın dilindən heç vaxt yoldaşlarla danışdıqda ağa sözü çıxmazdı. Səttar xan məni ikinci dəfə Salara tanış verdi. Salar isə yenə də eyni sözləri təkrar edirdi. – Sərdarın əziz qonağı bizim də əziz qonağımızdır. Salar heç vaxt mən-mən demirdi. O, həmişə kübarlara məxsus bir ifadə ilə sözünü «biz» kəlməsi ilə başlayırdı. Saların imarət və əşyası, qəbul və danışığı tamamilə bir İran əsilzadəsini andırırdı. Burada gördüyümü Səttar xanın dairəsində görməmişdim. Görüşüb çıxdıqda Bağır xan mənə bir Almaniya süvari beşatılanı bağışladı. Mən isə əvəzində ona yüngül rus nağanı bağışladım. Çox xoşuna gəldi. O, həmişə ağır mauzer gəzdirirdi. Qapıdan çıxdıqda daha ümumi salona girməyib başqa qapıdan çıxdıq. Sərdar onun hərəkətindən daima narazı olduğu kimi, indi də razı qalmamışdı. «Bu adam düzəlməz», – deyə atına minmişdi. * * * Rəhim xan Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı. Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar. Rəhim xanın qorxusu bir çoxlarını şaşırmışdı. Adamlarda əski ruh yüksəkliyi görünmürdü. Ninanın məni axtardığını Həsən ağadan eşitdim. Gün batan vaxtı vuruşmalar qismən sakit olmuşdu. Bir az fürsət əldə etdiyimdən Ninanı görmək və nə üçün məni axtardığını bilmək üçün Minasyanın evinə getdim. Ninanı böyük həyəcan içərisində gördüm. O, qorxa-qorxa dedi: – Vəziyyət getdikcə xarablaşır. Bu saat Hacı İbrahim sərraf, Hacı Məhəmməd tacirbaşı və bir neçə başqaları konsulxanadadırlar. Onlar Bağır xanı təslim olmağa razı etmişlər. Bağır xan rus konsulunun aman bayrağını qəbul etmişdir. Bağır xan bütün məhəllənin silahını yığıb tacirbaşıya təslim etmişdir. Nina ilə vidalaşıb çıxdım. Birbaş Səttar xanın yanına getdim. Bu xəbərləri ona söylədikdə inanmadı: – Salar heç vaxt bu xəyanəti etməz. Heç də inana bilmirəm. Mən hələ Səttar xanın evindən bayıra çıxmamışdım. General konsul Millerin Sərdarı görmək üçün gəldiyini xəbər verdilər. Sərdara konsulun bu məsələ üçün gəldiyini söylədim. Biz başqa otağa keçdik. Konsul öz mütərcimi, bir də iki-üç nəfər hərbi xidmətçisi ilə Səttar xanın otağında danışırdı. Sonradan konsulun bir təslim bayrağı da Səttar xan üçün gətirdiyini və Səttar xan tərəfindən rədd edildiyini bildik. * * * Təbriz müharibəsi kəskinləşirdi. Bağır xan Səttar xanın bu ciddi hərəkətini gördükdə təslim bayrağını rədd etmiş və öz səngərlərini yenidən möhkəmləndirməyə başlamışdı. İnqilab əleyhinə çalışan və «islamiyyə» təşkilatını quranların qol-qanadı açılmışdı. Nina bunların Rəhim xan və konsulxana vasitəsilə Məhəmmədəli şaha sədaqət teleqrafları göndərdikləri xəbərini verərkən, teleqramları poçt-teleqraf idarəsindən gətirmək üçün Səttar xan təcili olaraq bir neçə atlı göndərdi. Teleqramlar gətirildi. Burada Rəhim xanın Təbrizi qurtarmıq üçün gəlməsinə qarşı padşaha təşəkkür edirdilər. Teleqramda Mir Haşım imamcümə, Mirzə Kərim, bir də Mirzə Möhsünün imzaları vardı. Mübarizə çox şiddətli gedirdi. Qaradağ hücumunu rədd etmək və Təbriz inqilabını bu şaşqın vəziyyətdən qurtarmaq üçün Qafqaz sosial-demokratları, xüsusən Bakıdan gələn işçilər bir an təxir etmədən çalışırdılar. Bakı işçiləri yerli xalqın həyatını çox gözəl bilirdi. Onlar yerli mücahidlərlə əlbir əşləmək üçün yaxşı vəziyyət yarada bilirdilər. Son vuruşmaların ağırlığı Səttar xan və onun ətrafında toplanmış sosial-demokratların üzərində idi. Bağır xana heç də etibar etmək olmurdu. Onun tərəddüd göstərməsi Xiyaban səngərlərinin düşmənə qarşı lazımi müqavimətdə olmaq ümidini vermirdi. Səttar xan bu xüsusda heç də xatircəm ola bilmirdi. Onun gecə səhərə qədər yatmadığı və səngərləri gözdən keçirdiyi də görünürdü. İşin ən ağır və ən çətin yeri bunda idi ki, Xiyaban səngərlərini nəzarət altına almaq üçün Bağır xan kimsəyə ixtiyar vermirdi. O bunu özünə qarşı etimadsızlıq hesab edirdi. Bağır xan daim: – Mən öz səngərlərimi saxlamaqda aciz deyiləm. Mənim özümün qüvvəm də vardır, – deyə hər bir nəzarəti rədd edirdi. Buna baxmayaraq, Səttar xan yenə də «Saları könlüm istədi» və ya «Salardan nigaran qaldım» – deyə Xiyaban, Göyməscid tərəflərini tez-tez gözdən keçirirdi. * * * Təbriz qadınları Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi. İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı. – İnqilabi qanunlar həyata keçirilmir. Xalq onunla heç də hesablaşmır. Bu, inqilabın zəifləməsinə və inqilab mübarizlərinin ehtiyac içində yaşamasına səbəb olur. – Bunu siz kimdən eşitdiniz? – Bunu ən avam bir qadından da soruşsan deyə bilər. Sizin sözünüzə baxan yoxdur. – Nə olubdur? Nəyi avam qadın deyə bilər?! – Ehtiyacı, fəlakəti, acığı. Bunu hətta bizim Zeynəb də çox yaxşı bilir. – Mən çox şad olardım ki, Zeynəb bacı kimi Təbriz qadını inqilabı bu qədər dərindən düşünə biləydi. Təəssüf edirəm ki, hələlik bunu görmürəm. – Buna səbəb yenə də kütlənin qabağında gedənlərdir. Onlar heç vaxt qadınlar arasında iş aparmamışlar. Dur pəncərənin qabağına gəl! Nina qolumdan tutub pəncərənin qarşısına gətirdi: – Bax, bu gedən müsəlman qadınları nəçidir? – deyə soruşdu. – Örtülü qadınlardır. Onların nəçi olduğunu heç kəs deyə bilməz. – Bunlar, üzüörtülü, ayağında torba olan bu qadınlar haman inqilab mübarizlərinin anaları, bacıları və qadınlarıdır. Bunların ərləri hökumət ordusu əleyhinə mübarizə edir. Özləri isə əks-inqilab ordusu üçün buradan şərab və araq daşıyırlar. Nina sözünə davam edərək: – Buna da səbəb sizsiniz, – dedi. – Mücahidləri təmin etmirsiniz. Onların ailələri özlərini bu kimi bir həqarətlə təmin etmək istəyirlər. Bunlar Zeynəb kimilər, Təhminə kimilərdir. Bunların ailəsi acdır. Bir mücahidin qadını olan Zeynəb bu kimi nöqsanlar haqqında olduqca mənalı və təsirli sözlər danışırdı. – Zeynəb nə deyə bilər? O, məscid və hamam söhbətindən başqa nə danışa bilər? – Belə deyil. Ən avam bir adam ən böyük bir kütlənin üzvüdür. Kütləyə hər bir şey aydındır. Siz varlılardan pul toplaya bilmirsinizmi? – Haradan bilirsən? – Mənə Zeynəb hər şeyi deyir. Zeynəb Ninanın ev qulluqçusudur. O, gəncdir. Bir oğlan uşağı doğmuşdur. Ərə getdiyi beş ildir. Mən Zeynəbi heç vaxt danışdırmamışdım, hətta onun şad olduğu vaxtını da görməmişdim. Nina onun ən fağır, ən ac bir qadın olduğunu mənə neçə kərə söyləmişdi. O məndən gizlənmirdi. Fəqət yaşmağı ağzından götürdüyü də yox idi. Zatən bircə Zeynəb deyil, Təbriz qadınları, ümumiyyətlə, mövhumata yabançıdırlar. Zeynəbin təmizliyi, evdarlığı, nəzakəti çox yüksək bir dərəcədə idi. Mən onun ailə həyatını öyrənmək üçün vaxt tapa bilməmişdim. Bu mənim ağlıma da gəlməmişdi. Ninanın Zeynəb haqqında dedikləri məni xeyli maraqlandırdı. Nina Zeynəbi çox sevirdi, onu öz gözü kimi bəsləyirdi. Zeynəbdən azərbaycanca danışmağı öyrənirdi. Zeynəbin dördyaşlı oğlu Məcid çox zaman gecəni də Ninanın yanında keçirirdi. Zeynəb samovarı gətirib masanın üstünə qoydu. Məcid də divanın üstündə oturub ayaqlarını oynadırdı. O özünü bizə sevdirmişdi. Nina ondan tez-tez: – Məcid, sən nəsən? – deyə soruşurdu. – Mücayib! – deyə cavab verən Məcid bizimlə bərabər gülməyə başlayırdı. Sonra əlindəki konfet parçasını zorla Ninanın ağzına soxub «bir az dişlə!» – deyə ayaqlarını divana çırpırdı. Zeynəb samovarı qoyduqdan sonra Məcidi alıb bayıra çıxmaq istədi. Mən ona oturmağı təklif etdim. – Oturun, Zeynəb bacı! – dedim. Zeynəb təəccüblə üzümə baxdı. Yəqin ki, o mənim azərbaycanlı olduğumu bilmirmiş, çünki onu birinci dəfə dindirirdim. Zeynəb başındakı şalını ağzının üstünə endirib yaşmağını düzəltdi və qızarıb dedi: – And olsun Allaha, mən sizin müsəlman olduğunuzu yalnız indicə bildim. Alış-verişçi olduğunuzu bilirdim. Amma Nina bacı sizin müsəlman olduğunuzu mənə deməmişdi. Müsəlmana da oxşadırdım. Amma soruşmağı ayıb hesab edirdim. – Eybi yoxdur, Zeynəb bacı. Bu cür şeylər çox olur. İnsan birdən-birə tanış ola bilməz. – Hərgah Cavad ağa bilsəydi məni heç vaxt müsəlman evində qulluq etməyə buraxmazdı. Təbrizdə belə adət yoxdur. Bura camaatının xasiyyəti çox pisdir. – Zeynəb bacı özün bir doğrusunu söylə. Siz indiyə kimi bizdən bir fənalıq görmədiniz ki? – Allah eləməsin. Mən sizdə gördüyüm hörməti, azadlığı heç kəsdə görməmişəm. – İndi ki, bu hörməti heç kəsdə görməmisiniz, daha müsəlman oldu, başqası oldu, sizin üçün nə fərqi vardır? Siz də, Nina da qadınsınız. Sizin aranızda heç fərq vardırmı? – Əlbəttə, yoxdur, ay qardaş, mən elə bilirdim ki, siz də Nina bacının məzhəbindənsiniz. Amma bununla bərabər sizi öz qardaşım kimi sevirdim. Yaxşı oldu ki, şübhədən çıxdım. Amma nə eləmək olar, qaydanı belə qoyublar. Ya gərək xalqın içindən çıxasan, ya da ki, xalq gedən yol ilə gedəsən. – Zeynəb bacı, xalq gedən yol ilə getmək olmaz. Xalqın getdiyi yol sizi yenə də çarşabdan çıxmağa qoymaz. – Əslinə baxsan, mən adət-zad sevən deyiləm. Amma Cavad bir az qısqanır. Hətta mənim Dəllaləzəndə gedib şey satmağıma da razı olmadı. – Cavad ağa nə iş görür? – Eh nə iş görəcək. Bir parça çörəkdən ötrü başını küt bıçağa çəkir. Amma nə fayda ki, çörək də çıxmayır. – Harada çalışır? Doğrusunu desəm, yenə də bədbəxt olacağam. – Nə üçün? – Bəlkə, acığınız gəldi. – Zeynəb bacı, bu nə sözdür? Acığım niyə gəlsin? – Hər yerdə ki, qulluğa girmişəm yalnız ərimin adını bilənə qədər qulluq eləmişəm. – Əcəba, sizin əriniz quldurmu, canimi və ya oğrumu? – Heç birisi deyil. O, fağır, nəzakətli, rəhimdil bir gəncdir. Amma indiki işi heç kəsin xoşuna gəlmir. Alış-verişçilər və varlılar mücahidləri görmək istəmir. Siz də alış-verişçisiniz. Qorxuram ki, Cavad ağa mücahid olduğu üçün məni evdən qovasınız. – Zeynəb bacı, bu nə sözdür. Əvvələn biz çox da böyük tacir deyilik. İkinci, mücahidləri sevirik, çünki onlar öz haqlarını əldə almaq yolunda mübarizə edirlər. Onların cərgəsində çox sevimli və səmimi adamlar var. – Cavad ağa sevimli və səmimi olduğu üçün də bizi bu günə qoydu. Bizim evimiz, eşiyimiz var idi. Hamısı dağılıb getdi. Gərək Cavad ağa o rəhmətlik qafqazlı ilə heç də tanış olmayaydı. – Necə qafqazlı? Cavad ağa onu harada görmüşdü? – Bunu sizə nağıl etsəm başınızı ağrıdaram, çünki çox uzundur. – Eybi yoxdur, Zeynəb bacı, nağıl elə! – Cavad ağanın rəhmətlik atası da bir yoxsul adam idi. Hacı Mir Məhəmməd gəcpəzin yanında gəc döyərdi. Cavad ağa çayçı dükanlarına su daşıyırdı. Babadan qalma bir həyətləri var idi. Mən ərə gedəndə – bağışlayasınız – rəhmətlik sağdı, babat dolanırdıq. Elə ki, kişi Allahın rəhmətinə getdi, külfət töküldü Cavad ağanın üstünə. Çox korluq çəkdik. Axırda evimizdən bir otaq ayırıb bir nəfər qafqazlıya verdik. Bir neçə həftədən sonra o, bizimlə lap birevli kimi olmuşdu. O, çox gözü, könlü tox adamdı. Çox vaxt xərci də özü çəkərdi. Cavad ağa ilə qardaş kimi dolanırdı. – Adı nə idi? – Doğrusunu axtarsan, rəhmətlik nədənsə adını düz deməzdi. Gündə bir ad deyərdi. Son zamanlar Cavad ağanı su daşımağa da qoymadı. Deyirdi ki, gərək sən savadlanasan, yoxsa su daşımaq bir sənət deyil. Hər gün Cavad ağa onun otağına girib dərs oxuyardı. Bir neçə həftədən sonra 6 nəfər də başqa su daşıyan dərsə gəldi. Haman qafqazlının özünün kitabları da vardı. Dərsi haman kitablardan nağıl eləyərdi. Bir də gördük ki, Cavad ağa da, yoldaşları da tüfəng götürüb mücahid olublar. Daha demə ki, bu qafqazlı inqilabçı bir adam imiş. Bu əhvalatı dəvəçilər eşidəndən sonra gəlib evimizi odladılar. Nə yaxşı ki, nə qafqazlı oğlan, nə də Cavad ağa evdə deyildi. Yoxsa onların özünü də öldürəcək idilər. Mən quru canımı, bir də Məcidi götürüb evdən çıxdım. Rəhmətlik qafqazlı oğlanı bizə təzə ev kirayə elədi. Birtəhər başımızı çəkib oturmuşduq. Amma mən o qafqazlını heç vaxt yadımdan çıxarmaram. Hərgah acığınız gəlsə deyəcəyəm. Mən hələ o cür yaxşı adam görməmişəm. Nə qədər sağdı, heç korluq çəkmirdik. Əlinə düşəni gətirib bizə verirdi. Cavad ağanın yoldaşlarına da əli uzanardı. – O harada öldü? – Onu Maralan davasında qaradağlılar öldürdü... Zeynəb bunu danışdıqda çarğatı ilə gözünü sildi və sözünə davam edərək: – Hələ də kağızları, dəftərləri evdə qalır, – dedi. – Harada basdırılmışdır? – Ölüsünü başqa ölənlərdən ayırmaq olmadı, çünki səngərə top gülləsi düşüb oradakı adamları bir-birinə qarışdırmışdı. Hamısını bir yerdə basdırdılar. Onu mən həmişə xatırlayacağam. Onun anası, bacıları, hətta arvadı da varmış. İki uşağının şəkli həmişə qoynunda olardı. Heç olmasa saatda iki-üç dəfə o, şəklə baxardı. Bayıra gedəndə qoynuna qoyub aparardı! – Zeynəb bacı, bəs Cavad ağa nə iş görür? – Nə iş görəcək? Gecə-gündüz tüfəng əlində səngərdədir. Günlərlə üzünü görmürəm. Bir aydan bəridir ki, Məcidi görməmişdir. Yeməyi də buradan aparıram. Səngərdə otururam, xörəyi yeyəndən sonra qabları yığışdırıb gətirirəm. – Zeynəb bacı, onlara necə baxırlar, o, razıdırmı? – O, çox razıdır. Bu işi sevir. Amma iki aydır ki, maaş almır. Heç şey ala bilmir. Hərgah mən qulluq etməsəm onun özü də ac qalar. – Nə üçün pul vermirlər? – Haradan versinlər. Dövlətlilərdən pul almaq mümkündürmü? Hər kimə qəbz aparırsan söyüb qaytarır. Nə eləmək? İşi başlayıblar, yarımçıq qoya bilməzlər. Gedib qulluğa girərəm, onu da vermirlər, çünki mücahid arvadıyam. Hətta Hacı Mehdi ağa da bunu dedi. – Hansı Hacı Mehdi? – Küzəkünani! Əncüman Hacı Mehdi. İnqilabçı Hacı Mehdi. – Zeynəb bacı, Hacı Mehdinin sizə belə bir sözü deməsinə heç də inana bilmirəm. Onun inqilabçılığını hər kəs tərifləyir. – Əvvəl biz də elə bilirdik. Elə ki, bir həftə evində qulluq elədim, onda bildim ki, hansı quşun yumurtasıdır. O cür adama heç inqilabçı demək olmaz! – Necə adamdır ki? – Qorxuram danışmağa. Cavad ağa da tapşırıb ki, bir adama demə. Gedər qulağına yetişər. Onda gərək biz Təbrizdən baş götürüb gedək. – Zeynəb bacı, qorxma. Biz hara? Əncümən hara? Hacı Mehdi hara? Ona kimdir gedib xəbər verən? – Məni onun evinə qulluq üçün aparan Təhminə xanım oldu. O bizim korluq çəkdiyimizi bilirdi. Mən çoxdan bəri qulluq axtarırdım. Amma Cavad ağa buna razı olmurdu. O deyərdi ki, mən yar-yoldaşımın yanında xəcalətli olaram. Axırda gördü ki, uşaq da acından öləcəkdir. Ondan sonra razı oldu. Təhminə xanım gedib Hacı Mehdinin arvadına bir nəfərin ev qulluqçusu olmaq istədiyini demişdi. Arvad cavab vermişdi ki, gətir görüm necədir və necə adamdır. Səhər tezdən Təhminə xanım məni özü ilə bərabər apardı. Təhminə xanım mənə yolda bir neçə söz tapşırdı. Dedi: – Əvvələn budur ki, ərli olduğunu boynuna almazsan. İkincisi də deməzsən ki, uşağım vardır, çünki varlı evlərində nə ərli, nə də uşaqları olan arvadları işə götürməzlər. Bu sözlər mənim yadımda qalmışdı. Bizi içəri buraxmırdılar. Təhminə ev qulluqçusu gətirdiyini xəbər verdi. Bizi içəri buraxdılar. Nökərlər məni təpədən-dırnağa qədər süzdülər. Çox danışdılar. Amma hamısını eşitmədim. Ancaq bunu eşitdim ki: – Ədə, Məmmədəli, yerişi ki, yaxşıdır. Birinci həyətdən keçib getdik. Bu həyət kişi qonaqları üçün qayrılıbdır. İkinci həyətdə hacının arvad-uşağı olurdu. Bu həyət bir qalaça kimidir. Quş quşluğu ilə qanad sala bilməz. Həyətdə arvad qulluqçusu qıvır-qıvır qaynayırdı. Biz ikimiz də pilləkən başında oturduq. Qulluqçulardan biri gedib hacının xanımına xəbər verdi. Xanım eşiyə çıxdı. Xanım, amma nə xanım! Boğazının əti əmcəklərinin üstünə, əmcəkləri də qarnının üstünə düşübdür. Mənə tərs-tərs baxdı. Təhminə xanım baş əydi və dedi: – Xanım, siz buyurduğunuz ev qulluqçusunu gətirmişəm. – Üzünü açsın görüm! Mən üzümü tərləyə-tərləyə açdım. – Çarşabı sal yerə! Çarşabı da yerə saldım. Xanım o tərəf-bu tərəfə keçib, məni ayağımdan başıma qədər gözdən keçirdi. Mən belə bir işi Cavad ağadan mənə elçi gələndə görmüşdüm. Xanım məni gözdən keçirəndə haman elçinin də məni gözdən keçirməsi yadıma düşdü. Xanım o tərəf-bu tərəfimi, hətta əllərimi topuqlarımı nəzərdən keçirəndən sonra yanındakı arvada tərəf dönüb dedi: – Şərəfnisə, əqlin nə kəsir? Deyəsən, düz-əməlli adama oxşamır. Şərəfnisə mənə diqqətlə baxdı. Cavab verməzdən əvvəl Təhminə xanım danışdı: – Düz-əməlli adam olduğu haqqında heç bir söz ola bilməz. Zatı, südü məlum adamdır. Tayfası da nəcibdir. Xanım dodaqlarını büzdü: – Pay! Nəcibdir. İndiyə kimi bir nəfər də olsa nəcib ev qulluqçusuna rast gəlməmişəm. Şərəfnisə sözə qarışaraq dedi: – Bir həftə qalsın görək necədir, indidən heç bir şey demək olmaz. Xanım bu sözlə razılaşdı və məndən soruşdu: – Ərli deyilsən ki? Xeyr, xanım, ərim yoxdur. Üç ildir ki, ölübdür. – Uşağından-zadından nəyin vardır? – Heç kəsim yoxdur. Heç doğmamışam da. – Yatmağa yerin vardırmı? – Bəli, xanım varımdır! – Bir dəst paltar verəcəyəm. Yeməyin də buradandır. Burada yeməsən, evə də apara bilərsən. Mən buna razı oldum, çünki evə apardığım yeməklə Məcidin və Cavad ağanın da yeyib yaşaya biləcəyini ümid edirdim. Ancaq belə olmadı. Evə aparılan şey yalnız bir adamı görürdü. Mən burada birtəhər qarnımı yarı-yarımçıq doydurub evə apardığım payımı Cavad ağa və Məcidə yedirirdim. Xanım bu şərti kəsəndən sonra aşpazxanadan birisini çağırdı: – Gülara, apar buna iş ver! Gülara məni aşpazxanaya aldı. Təhminə xanım qayıdıb getmişdi. Mən çarşabımı götürüb şəritdən asdım. Qollarımı çırmadım. Nə iş görəcəyimi bilmirdim. Aşpazxana çox böyükdü. İri qazanlar asılmışdı. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. Mən əvvəl elə bildim ki, bu gün hacının qonaqlığı vardır. Amma məsələ belə deyilmiş. Hacının aşpazxanasında hər gün bu cür xörək bişirmiş. Gülara xanımın inandığı qulluqçulardan idi. Aşpazxananın hər bir ixtiyarı onda idi. O mənə birinci gündən bu vəzifəni vermişdi: özü ilə bərabər anbara aparıb düyünü ölçüb torbaya tökərdi. Mən onu bir nəfər də Gülsüm adlı qoca qulluqçu ilə arıdardıq. Bu işi qurtarandan sonra soğan doğrayar və su daşıyardım. «İnqilabçı» hacının anbarı bütün məhəllənin camaatını neçə illər doyura bilərdi. Düyüsünü iki il yesə qurtarmazdı. Düyülərin bir çoxuna bit düşübdür. Buğdasını, ununu anbarlar tutmur. Hələ yenə də üstünə gəlirdi. Axşamlar, demək olar ki, plovdan çox artıq qalırdı. Mən buna əvvəlinci gün sevindim. Yaxşı pay aparacağımı düşündüm. Amma məsələ belə deyilmiş. Artıq qalan plov hacının kişi nökərlərinə verildi. Arvad qulluqçuları üçün heç bir şey qalmadı. Qulluqçular qonaqların qabağından qayıdanı gözləyirdi. Gülara və iki nəfər də aşpazın hər birisi özü üçün bir böyük nimçə yağlı və ətli yerindən ayırıb kənara qoymuşdu. Məcməyilər qonaqların yanından qayıtdı. Xörək çox qalmışdı. Hamıya yetərdi. Amma bunu da aşpazxana qulluqçularına vermədilər. Nimçələrdə qalan plovları və ətləri təmizləyib həyətdə duran nökərlərə və qarovullara verdilər. Sonradan məlum olduğuna görə, bunların heç biri maaş almırmış. Qalan plovları hər gün nimçələrlə aparıb bazarda satırmışlar. Pullarını isə aşpazxana müdirəsi Gülara ilə birlikdə bölüşürmüşlər. Biz hələ durub baxırdıq. Bizə nə veriləcəyindən xəbərim yox idi. Axırda əllərdən tökülüb xonçalarda qalmış düyüləri və ətli sümükləri bir yerə toplayıb hər kəsin saxsı çanağına bir az yığdılar. Mən də evdən apardığım saxsı çanağı irəli tutdum. Mənim də payımı verdilər. Bir neçə gün belə keçdi. Hacı tez-tez aşpazxanaya gəlib Gülaraya bəzi sifarişlər verirdi. Hacının mənə tərs-tərs baxdığını, döşlərimi və qıçlarımı gözdən keçirdiyini hiss edirdim. Hacı ara-sıra Gülara ilə pıçıldaşıb mənə baxırdı. Son günlər Gülaranın da mənə qarşı münasibəti dəyişmişdi. Çox ağır işlərə göndərmirdi. Axşamlar payımı da xörəyin yaxşı yerindən verirdi. Mənə etimadın artdığını da hiss edirdim. Məni düyü gətirmək üçün anbara tək göndərirdi. Ancaq axır günlərdə mən bunun səbəbini anladım. Bu, hacının tədbiri idi. Hər gün mən anbara gedəndə hacı dalımca anbara gəlirdi. Bir gün anbarda idim. Hacı gəldi. Əlini başıma çəkdi: – Səni Gülaraya tapşırmışam. Sənin həyatını nəzərə almışam. Heç vaxt səni başqaları ilə bərabər tutmayacağam, çünki sənə xanımlıq yaraşır, – dedi. Mən utandım, heç bir söz demədim. Axırda o, yenə də mənə belə bir sual verdi: – Çox yaxşı, buna sən özün nə deyirsən? – Hacı, mən nə deyə bilərəm. İndi ki, siz fəqirlərin halını nəzərə alırsınız, daha mən buna nə deyə bilərəm? – dedikdə, o, əlini mənim döşlərimə atdı. – Yox, belə deyil, mən istəyirəm ki, sən daha fəqir olmayasan, – dedikdə mən özümü itirmişdim. Nə deyəcəyimi bilmirdim. O, danışdıqca mənim döşlərimi sıxırdı. Mən qapıdan çıxmağa çalışırdım. O, qapını kəsib məni buraxmaq istəmirdi. O, həmişə bir sözü təkrar edirdi: – Sən söz ver ki, Gülara deyəni qəbul edəcəksən. Çarə yoxdu. Anbardan çıxıb canımı qurtarmaq üçün bir söz söyləməli idi. – Hər işin bir qaydası vardır. İndi ki, hacının belə bir fikri vardır, mənim nə sözüm ola bilər? Amma hacı da məni abırdan salmasın, çünki biri gəlib məni anbarda görərsə, daha mən adam arasına çıxa bilmərəm, dedikdə hacı sevindi və əlavə etdi: – Demək ki, sən razısan. – Əlbəttə, razıyam. – Elə isə Gülaraya razılıq ver, o, hər şeyi düzəldir, – dedi. Sonra mən düyü torbasını arxama atdıqda o kömək eləmək bəhanəsi ilə torbanı arxama qaldırdı, yenə də döşlərimi sıxdı. Mən bayıra çıxdım. Saçım dağılmış, rəngim qızarmışdı. Aşpazxanadakılar mənə baxıb gülür və bir-birinin qulağına nə isə pıçıldayırdılar. Mən soğan doğramağa oturdum. Gülsüm mənə baxıb ah çəkdi. – Yazıq Zeynəb, – dedi, – sənin başına gətirmək istədiklərini vaxtilə mənim rəhmətlik anamın da başına gətirmişdilər. Hacının atası anamı siğə elədi. Mən ondan doğuldum. Anam ölənə qədər aşpazxanada qulluq elədi. Mən də aşpazxanada böyüdüm. Hacı atasından sonra məni özünə bacı hesab edib evə buraxmadı. Sənə də yazığım gəlir. Bu həyasız Gülaranın sözünə baxma. O sənin kimi bir çoxlarını bədbəxt edib. Xüsusən iş belə aşkara düşdükdən sonra hacının xanımı da səni incidəcəkdir. Mən haman gün necə işlədiyimi bilmədim. Axşam evə getdim. Kimə deyim? Cavad ağa da cavandır. Desəydim gedib bir əngəl çıxaracaqdı. Nə etmək, biz ki, hacının tayı deyilik. Heç bir söz demədim. Sabah işə gəldikdə Gülara məni anbara apardı və dedi: – Görünür ki, sən xoşbəxtsən. Hacı səni bir könüldən min könülə sevibdir. Bu gün deyirdi ki, «onun dərdindən yata bilmirəm». İndi bunu bir sən biləcəksən, bir də mən, bir hacı, bir də Allah. Sənin heç işin yoxdur. Mən özüm hər şeyi düzəldərəm. Mən cavab verməzdən əvvəl çox düşündüm. Nə cavab verim? Çıxsam ac qalacağıq. Qalsam da abrım gedəcəkdir. Bir qədər sükut etdim. – Eybi yoxdur. Mən də yerdə göyərməmişəm. Mənim də qohum-qardaşım vardır. Onlarla məsləhətləşərəm, – dedim. Gülara tələsik soruşdu: – Bəlkə, onlar razı olmadılar, onda necə olsun? – Razı olarlar. Onlar məni hacıdan artıq kimə verəcəklər? – İndi ki, belədir, eybi yoxdur. Amma tez olsun, çünki hacı məni tələsdirir. Bir neçə gün də «bu gün-sabah» deyə yola verdim. Günün birində Cavad ağanın bacıları və anası Hökumvara yonca və qazayağı yığmağa gedəcəkdilər. Məcidi tapşırmağa adam tapmadım. Yanımca işə aparmağa məcbur oldum, çünki bir gün əvvəl onlar yoncaya gedəndə Məcidi də aparıb uşağı soyuğa vermişdilər. – Onlar yoncanı nə üçün yığırlar? – Qaynadıb, duzlayıb yeyirlər. Amma yoncanı da yığmağa zəmi sahibləri qoymur. Hər kəs getsə, oğurlamalıdır. Özü də gecədən getməlidir. Bunun üçün də uşağı onlara qoşmaq heç də mümkün deyildi. Çarəsiz qalıb uşağı yanımca apardım. Birinci həyətdən ikinci həyətə keçəndə hacının xanımı uşağı yanımda gördü. Tələsik bir halda: – Ay qız, o kimin uşağıdır? – deyə soruşdu. Mən isə cavabımda: – Bacımın uşağıdır. Ağladı, əl çəkmədi. Yanımca gətirməyə məcbur oldum. Daha dinmədi. Keçib işə getdim. Ürəyim çox rahatsız idi. Uşağı gözdən qoymurdum. Bir söz danışacağından və işin üstü açılacağından qorxurdum. Hərçənd uşağa tapşırmışdım. Amma yenə də ürəyim sakit olmurdu. Biz Gülara ilə anbara getmişdik. Qayıdanda Məcidi Şərəfnisənin qucağında gördüm. Uşaq danışırdı. Şərəfnisə ondan soruşdu: – Kimin oğlusun? – Cavad ağanın. – Atan nə iş görür? – Mücayibdir. – Nənəyin adı nədir? – Zeynəb! – Haradadır? Məcid barmağı ilə məni göstərdi. – Odur, bax! Əlində torba gedir. Mən özümü itirmişdim, nə olacağını bilmirdim. Hər halda xanımı aldatmağımın yaxşı nəticə verməyəcəyini bilirdim. O günü işlədim. Səhər tezdən işə gəldim. Gülara üstümə çığırıb dedi: – Əl-ayağa dolaşırsan. Bir iş də bacarmırsan. Yediyin xörəyə dəyməzsən. Bu sözü eşitdikdə bütün aşpazxana xalqı altdan-altdan gülürdü, çünki onlar məsələnin nə yerdə olduğunu anlayırdılar. Mən quruyub qalmışdım. Hacı da gəlib aftafanı götürdü, mənə acıqlı baxıb getdi. Mən də heç bir iş görmürdüm. Gülara mənə iş vermirdi. Bir azdan sonra Şərəfnisə gəlib məni aşpazxanadan çağırdı. Mən xanımın yanına gedəndə, o, yanını pəncərənin arasına qoyub oturmuşdu. İki arvad dalında durub onun saçlarını hörürdü. Məni görən kimi başqa söz demədi: – Çıxart köynəyi qoy yerə. Mən dedim ki, ev qulluqçusu heç vaxt nəcib olmaz. Məni aldatdın. Səni bu evdə qoymaq olmaz, çıxart köynəyi! Bir söz demədim. Aşpazxanaya qayıdıb verdikləri köhnə köynəyi çıxartdım. Çarşaba büründüm. Amma yenə də ətim görünürdü, çünki çarşabım yırtıq idi. Köynəyi götürdüm. Bayıra çıxanda dalımca ağlayanlar da vardı, gülənlər də vardı. Hacının sevgili siğələri mənə gülürdü. Hacının bacılığı Gülsüm isə ağlayırdı. Mən çıxanda Gülsüm məni səslədi: – Zeynəb bacı, gəl qabı da apar. Burada qoyma! – dedi. Yemək gətirmək üçün apardığım saxsı qabı qoltuğuma vurub daha arxaya baxmadım. Köynəyi xanımın qulluqçusu Şərəfnisəyə verdim. Getdikdə xanımın səsini eşitdim: – Get, səni Səttar xan geyindirsin. Bizə mücahid arvadı lazım deyil. Evə gəldim. Heç zad yox idi. Məcidə Cavad ağanın bacıları qaynanmış ot yedirmişdilər. Cavad ağaya aparmağa bir şey yoxdu. Səngərə əliboş getdim. Bütün əhvalatı söylədim. Çox ağladım. Cavad ağa məni sakit etdi. «Dünya belə qalmaz» deyə təsəlli verdi. Yoldaşlarına kifayət qədər yemək gətirmişdilər. Onlar ikimizi də doyurdular. Bir parça çörək də Məcid üçün gətirdim. Zeynəb bacı bunları danışdıqdan sonra əlini masaya vurub sözünə davam etdi: – İndi Allaha şükür olsun ki, həyatdan çox razıyam. Heç narazılığım yoxdur. Bir narazılığım varsa, o da Hacı Mehdi kimi adamların inqilabçı adını daşımasıdır. – Zeynəb bacı, mən də ümid edirəm ki, bunlar düzələcəkdir. Həmişə belə qalmaz. Zeynəb bu söhbətində mənim heç ümid etmədiyim və inana bilmədiyim bir çox şeyləri mənə xəbər verdi. Ninanın bütün dediklərini təsdiq etməyə məcbur oldum. Məcid yuxulamışdı. Aparmaq mümkün deyildi. Nina Zeynəbi yanında saxlamaq istəyirdi. Zeynəb bunu rədd etmək üçün bəhanə gətirirdi. – Bəlkə, gecənin bir zamanı Cavad ağa evə gəldi. Məni evdə görməsə acıqlanar. Xüsusən Məcidi neçə gündür ki, görməyibdir. Heç də yaxşı olmaz. Məcidi yuxudan oyatmağa məcbur olduq. Onu təzədən yedirdik. Sakit olandan sonra Zeynəb bacı onu dalına alıb evlərinə apardı. Biz Nina ilə danışıb Təbriz qadınlarının nə qədər bacarıqlı və fikriaçıq olduğunu təsdiq edirdik. Mən ayağa durub getmək istədikdə Nina dedi: – Müharibəni xarici düşmənə açmaqdansa, daxildə inqilabçı adı ilə öz xəyanətini pərdələmək istəyən hacı mehdilərə açmaq lazımdır. Bir həftədir ki, qaradağlıların hücumu davam edir. Top güllələri səngərlərin altını üstünə çevirir. Xaraba və yanmış evlərin sayı get-gedə artır. Hər tərəfdə bir cəhənnəm nümunəsi görmək olar. İnqilabçıların səngərindən tüfəng səsləri çox az atılırdı. Səngərləri yalnız bombalarla saxlamaq mümkün olurdu. Səngərlərin qarşısında qaradağlı ölüləri bir-birinin üstünə qalanırdı. Qaradağlılar hər bir hücumda tələfat verib çəkilirdi. Səngərlərdə canlı qüvvə çoxdu. Patron və bombadan korluq çəkilmirdi. Dörd gündən bəri rahat olmaq və evə qayıtmaq mümkün olmamışdı. Axşam saat doqquzda bir azca vaxt tapıb Ninanı görmək üçün getdim. Nina çox qəmgin oturmuşdu. Məcid də ona söykənib divanın üstündə yatmışdı. Oturdum. Ninadan əhval soruşdum, ah çəkərək sözə başladı: – Dünən saat beşdə Zeynəb Cavad ağaya yemək aparıb daha qayıtmayıbdır. Bilmirəm onun başına nə iş gəlibdir? Yazıq uşaq onsuz aram tutmur. Mən işin həqiqətini deməyə məcbur oldum: – Nina, hazırda Zeynəb bacının və yainki mənim özümün də bir gündə yox, bir dəqiqənin içində tələf ola biləcəyimiz təəccüblü iş deyil. Atılan top mərmilərinin açdığı tufanın ağzından qurtarmaq çox çətindir. Ninanın gözləri doldu. Ağlaya-ağlaya soruşdu: – Allah eləməsin. Bəlkə də, Zeynəbin başına bir iş gəlmişdir? – İnqilab edən xalqın qurban verəcəyi şübhəsizdir. Dünən saat altıda Zeynəb və Cavad ağanı öz yoldaşları isə yemək yedikləri yerdə top gülləsi havaya sovurmuşdur. Bədənlərini ayırmaq mümkün olmadı. Hamısını bir yerdə basdırdıq. Ninanın gözləri yaşardı. Balaca Məcidi qucaqlayıb öpdü. Minasyanın qadını Şuşanik xanım da gəlib bunu eşitdi. Çox təəssüf etdi. Sabah Təhminə xanıma xəbər verib balaca Məcid üçün bir qulluqçu tapdıracağımı Ninaya vədə etdim. * * * Ziyafət Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım. Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi. O, yolda başqa söz danışmırdı. İnqilab haqqında söhbətə başlayıb deyirdi: – Ay rəfiq, görüm sizin inqilab nə iş görəcəkdir? Bütün varlığım ona bağlıdır. Mənim işimi yalnız inqilab həll edə biləcəkdir. Mən Abdulla xan kimi adamlar haqqında çox eşitmişdim. Bu gün isə şəxsən özüm də onun nə demək istədiyini gördüm və eşitdim. * * * Abdulla xanın ziyafət salonu qayət zəngin bir salon idi. Salonda tağlar və taxçalar vardı. Tağlarda qiymətli Çin kasaları, boşqablar güldanlar və sair nəfis qablar düzülmüşdü. Taxçaların içərisində Fətəli şah, Nəsrəddin şah, Abbas Mirzə, Məhəmməd şah, Kərim xan Zənd və sair bu kimi İran hökmdarlarının boyalı şəkilləri çəkilmişdi. Şəkillərin qarşısında isə qiymətli vazlar, yenə də güldanlar və müxtəlif fiqurlar qoyulmuşdu. Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və zövqünə uyğun bir vəziyyətdə düzəldilmişdi. Təbriz evlərinin saqfində və divarında da çılpaq mələkə şəkillərinə təsadüf etmək olurdu. Nina ilə mən salondakı zənginliyi bir neçə kərə gözdən keçirdikdən sonra Abdulla xan salona qayıtdı. Onun dalınca başını aşağı salmış və utandığından çöhrəsi qızarıb təbii halından çıxmış bir qadın da salona girdi. Qadının bütün hərəkəti, hətta irəlilədikcə addımlarını atması belə bir iranlı qadınının varlığını ifadə edirdi. Lakin bunun paltarı və üzərindəki zinətlərin heç birisi İran qadınını deyil, kübar və əsl ailədən olan bir fransız qadınını andırırdı. Abdulla xan onun əlindən tutub Ninanın yanına gətirdi. «Səhba xanım!» deyə tanış etdi. Mən də qadının əlini sıxıb tanış oldum. O, əlini nə qədər tez olsa mənim əlimdən dartıb çıxarmağa tələsirdi. Bunu yalnız barmaqlarının damarlarında vücuda gələn titrəyiş mənə hiss etdirmiş oldu. Salonu bir daha bərabər dolaşdıq. Səhba xanım Nina ilə səsi eşidilməyəcək bir halda qonuşurdu. Mən hələ onun gözlərini görməmişdim. Onun utandığını, yabançı kişi yanına birinci kərə çıxdığını hiss etdiyimdən özüm də onun üzünə dik-dik baxmaq istəmirdim. Bir azdan sonra Abdulla xanın özü də bunu təkrar etdi. «Səhba xanım birinci gündür ki, qonaq olan salona gəlir», – dedi. Səhba xanımın üzündə başqa İran qadınlarının vurduğu bəzək və zinəti görmədim. Təbriz qadınlarına məxsus ağ və dəyirmi üzünə hiss edilməz bir dərəcədə pudra vurmuşdu. Başqa qadınlar kimi qolçaqlar taxmamışdı. Yalnız sağ qolunda yanları cəvahirlə işlənmiş nəfis bir saat daşıyırdı. Barmaqlarında bahalı üzüklər çoxdu. Zinətsiz də yüksək bir təbii gözəlliyə malik idi. Getdikcə daha az utanmağa başlayır və başını yuxarı qaldırırdı. Salonu bir neçə baş gəzdikdən və hər şey barəsində müfəssəl məlumat aldıqdan sonra qadın Ninanın əlindən tutub ailə həyatı ilə tanış etmək üçün başqa otaqlara apardı. Abdulla xanla mən də otaqları dolaşırdıq. Otaqların şeyləri çox zəngin, çox da maraqlı idi. Səfəviyyə padşahları dövründən qalmış ipək bir xalçaya tamaşa etdik. Zərrinə pərdələrin hamısı Fətəli şah dövründə toxunmuş pərdələrdi. Bir çox məxmər və zərrinə şeylərin üzərində tarixləri zər və ipəklə tikmişdilər. Qadın bizə ətrafı mirvarid və incə mərcanla toxunmuş köynək göstərdi. Köynəyin toxunuşu və parçası onun çox qədim və nadir bir şey olduğunu göstərirdi. Gördüyümüz şeylər içərisində üzü altun tellərlə toxunmuş və nalları xalis gümüşdən olan bir cüt qadın başmağı da vardı. Abdulla xan bu başmaqları Nizamülüləmanın evini qarət edənlərin əlindən böyük pula aldığını söylədi. Sonra Səhba xanım Ninanı başqa otağa aparıb öz qiymətli gəlinlik paltarlarını göstərmişdi. Bunu əlavə etməliyik ki, gördüyümüz otaqların hamısı salonda olduğu kimi ən mahir nəqqaşlar tərəfindən qayət incə bir surətdə işlənmişdi. Divarlardakı tablolarda çılpaq mələklər qollarını açıb uçurdular. Mən hər şeydən artıq xanın kitabxanası ilə maraqlandım. Kitabxanada bir sıra əl yazılarına və tablolara təsadüf etdim. Fətəli şahla rusların müharibəsindən sonra sülh layihəsinin qarası, mütarəkə şərtlərinin üzü, Abbas Mirzə tərəfindən yazılmış Gəncə səfəri, Nadir şah tərəfindən imza olunmuş kənd qəbalələri, şah Təhmasib tərəfindən imza olunmuş fərmanlar və bu kimi bir çox şeylər gördüm. Tablolar içində Abbas Mirzə tərəfindən tikdirilmiş Şəmsül imarənin şəkli, Nadir şahın at üstündə yağlı boya ilə çəkilmiş rəsmi və sair bu kimi bir çox şeylər də vardı. Ən qiymətli rəsmlərdən biri də Yusif və Züleyxanın əlvan rəsmlərindən ibarət idi. Kimin və hansı bir rəssamın tərəfindən çəkildiyi bəlli deyildi. Çox dolaşdıqdan sonra yenə də haman salona qayıtdıq. Salonun başında düzəlmiş limon və portağal bağçası yanında qoyulmuş çay masasının ətrafına toplandıq. Çayı Səhba xanım özü hazırlayırdı. Biz evə girərkən Abdulla xan qoca ev qulluqçusunun getməsinə icazə verdi. Biz hələ bir stəkan çay içmədən qonaqlar gəlməyə başladı. Qonaqlar tamamilə gözəl və nəhayət dərəcədə şıq geyinmiş gənclərdən ibarət idi. Bunların hər birinin arxasınca da bir nəfər gənc qadın qoltuğunda böyük bir boğça, əlində əlbisə qutusu olaraq içəri girdilər. Mənimlə və Nina ilə tanış oldular. Bizim ikimiz də buna heyrət etdik. Mən gözümün altı ilə Abdulla xan və Səhba xanıma baxırdım. Onlar bir-birlərinə baxıb hiss etdirmədən gülürdülər. Nina mənim qulağıma pıçıldadı: – Bunu heç vəchlə anlaya bilmirəm. Bu nə məclisdir? Gəncləri buraya yığıb tökməkdə Abdulla xanın məqsədi nədir? Bizimi bunlara, yoxsa bunlarımı bizə göstərməyə gətirmişdir? Bəs bu qadınlar nədir? Gətirdikləri boğçalar və qutular nə üçündür? Mən Ninanı sakit etmək üçün qulağına dedim: – Səbir et! Baxaq nə olacaqdır? Qonaqlar çay içir, yağlı çörəklərdən yeyir və mənim vasitəmlə Nina ilə danışmaq istəyirdilər. Şaşıb qalmışdım. Abdulla xandan bunu soruşmaq da mümkün deyildi. Abdulla xan «Vəli!» – deyə səsləndi. Vəli gəldi. Abdulla xan gülərək dedi: – Get, tarı, kamançanı və dəfi gətir! Vəli bir neçə dəqiqədən sonra qayıtdı. Abdulla xan tarı mənim sağ tərəfimdə oturan gəncə verərək dedi: – Xosrof xan, mənim əziz qonağımı bir neçə barmağa qonaq etməlisən! Sonra kamançanı da birisinə verərək: – Fərudin xan, al bunu dindir, görüm, – dedi. Ən axırda dəfi İsfəndiyar xana verdi. Çalğı başladı. İsfəndiyar xan oxudu. Bu oxumaq mənə və Ninaya nəhayət dərəcədə nəşə verdi. Mən onların kişi olmalarından şübhələndim. Lakin bir söz demək, bir söz belə soruşmaq mümkün deyildi. Oxudular, çaldılar. Çalğı bitəndən sonra Nina və mən Abdulla xanın gülxanasını gəzmək üçün həyətə çıxdıq. Ümumiyyətlə, Təbriz həyətləri gözəl qurulmuşdu. Abdulla xanın həyəti daha gözəl idi. Orada gördüyüm növcə əlvan və sayca artıq gülləri heç bir yerdə görməmişdim. Yarım saatdan sonra salona qayıtdıq. Lakin gənclərdən heç birini salonda görmədik. Nina Abdulla xandan soruşdu: – Qonaqlarınız getdilərmi? – Xeyr, indi gələcəklər. Beş dəqiqədən sonra qabaqda Səhba xanım, dalınca da beş nəfər gözəl və şıq əlbisəli fransız qadını içəri daxil oldu. Qadınların hamısı abı rəng donda, zərif corab və zərif tuflilərdə idi. Çox zəngin geyinmişdilər. Bunlar xəfif təbəssümlərlə bizə yaxınlaşdılar. Fransız qadınlarını təqlid edən bu qadınlar ilk baxışda bir fransız qadınına bənzəsələr də, yaxından yenə də Şərqin kübar qadınlarını andırırdılar. Xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbriz qadınlarına məxsus bir gözəllikdir. Onu Şərqin başqa qadınlarında görmək mümkün deyildir. Onlar bizə yanaşıb yenidən tanış oldular. Nazəndə, Şükufə, Rəna, Leyla, Səltənət xanım deyə əllərini bizə uzatdılar. Bu mənzərə bizi daha da heyrətə saldı. Bunlar kimdir? Nəçidirlər? Oxuyub-çalmaq üçünmü çağırılmışlar? Hər halda burasını bir növ təhlil edə bilmirdik. Lakin qadınların danışıq və hərəkəti onların bu ailəyə mənsub olduqlarını bildirirdi. Qadınlar evi dolaşdıqca ətrafa ətir qoxuları səpirdilər. Bu dəfə qadınlar pudralanmış və barmaqlarını brilyant üzüklərlə doldurmuşdular. Mən və Nina Təbrizdə olduğumuz zaman bu kimi bir ziyafəti görməmişdik. Xüsusən bu kimi şıq və gözəl qadınlara birinci kərə təsadüf edirdik. Mən bu qadınlara baxmaqla bərabər Ninanı da gözdən keçirirdim. Nina gözəl Təbriz qadınlarına olduqca diqqətlə baxırdı. Mən onda qadınlara qarşı bir rəqabət hissi oyandığını duyurdum. Nina ayağa qalxdı. Salondakı böyük aynanın qarşısında durdu. Gözlərini aynaya açdı, diqqətlə baxdı, gülümsəyərək döndü, dönərkən çiyninin üstündən bir daha aynada öz əndamını gözdən keçirib qadınlara qoşuldu. Yemək gətirdilər. Yeməklər yenə də düyü, ət, toyuq, yumurta və səbzilərdən bişirilmiş Təbriz xörəkləri idi. Süfrədə çəngəl, bıçaq, qaşıq qoyulmuşdu. Başqalarına nisbətən Abdulla xanın süfrəsi tamamilə bir qərb evinin süfrəsi idi. Əli ilə xörək yeyən yox idi. Süfrə yığışdırıldıqdan sonra yenə də gül ağaclarının altına keçdik. Yenə də qadınlar çalıb-oxudu. Qadınların oxuduğu yalnız Hafizin qəzəlləri idi. Axşam saat beşdə evə qayıtmaq üçün icazə istədik. Səhba xanım Ninanı öpərək deyirdi: – Ümid edirəm ki, bu görüşümüz son görüş olmayacaqdır. Yenə də görüşəcəyik. Səhba xanım bunu dedikdən sonra barmağından bir brilyant üzük çıxarıb Ninanın barmağına taxdı. Bunu görərkən qadınların hər birisi bir qiymətli şey çıxarıb Ninanın redikülünə qoymağa tələsdilər. Nina bunları qəbul etmirdi. Axırda Abdulla xan: – Bunlar mənim əmim oğlanlarının və qardaşlarımın qadınlarıdır. Xahiş edirəm ki, bunları öz yaxın dostlarınız hesab edəsiniz! – deyə hədiyyələri Ninanın redikülünə buraxdı. Saat beşdə görüşüb bayıra çıxdıq. Abdulla xanın özü də bizi yola salmağa hazırlaşırdı. Nina həyətdə Abdulla xana belə bir sual verdi: – Bunlar qadın olduqları halda nə üçün kişi paltarı geyinmişdilər? – Təbrizdə bu cür şeylərə çox təsadüf edəcəksiniz. Bu barədə uzun danışmaq lazımdır! – deyə Abdulla xan Ninaya cavab verdikdən sonra, Nina daha səbəbini soruşmadı. Mən sözə başlayıb bu xüsusda Nina ilə evə qədər söhbət etdim. – Hər halda Təbriz qadınları məşhur İran padşahı Nəsrəddin şahın tanıdığı qadınlar deyil. Şahın anladığı kimi onlar yalnız xörək bişirmək üçün deyil, eyni zamanda hər bir işə qabildirlər. Onlar çox ədəblidir. Kişiləri məşğul edə biləcək bu kimi idraklı qadın gördüyüm birinci kərədir. Çox lətif danışıqları, mənus xasiyyətləri, zərif şivələri vardır. Onlar mövhumatçı deyillər. Açıq gəzməyə çox artıq maraqları vardır. Bununla bərabər, onların ailə həyatı çox qəmgin və faciəlidir. Kişilərdəki əxlaq pozğunluğu qadınların həyatına çox ağır təsir bağışlamışdır. İran Azərbaycanındakı kişilərin böyük bir faizi qadınlara tamamilə nifrət gözü ilə baxır, tamamilə qeyri-təbii eşqlərlə məşğul olurdu. Xüsusən bu, əxlaqsızlıq kübar ailələri içərisində daha artıq «təraqqi» etmişdir. Bu əxlaqsızlıq XX əsrin əvvəllərində İranda çox böyük şöhrət tapmışdı. Təbrizə gələndən sonra bu məsələlərlə çox maraqlanıram və qoca adamlarla bu barədə çox danışıram. Dəvəçi ağzında çay satan bir qoca kişi ilə tanış olmuşam. Qoca həm alış-verişçidir, həm falçıdır, həm də aralıq həkimidir. Bekar vaxtlarımda bununla çox görüşürəm. O mənə qeyri-təbii eşq haqqında belə bir əhvalat söylədi: – Urmu varlılarından Məcdüssəltənə 6 qadını olmasına baxmayaraq, 7 nəfər də gözəl uşaq gətirib saxlamışdır. – Bu uşaqları ona kim verir? – deyə ondan soruşdum. Qoca başına hərəkət verib dedi: – Bunların hamısı aşağı təbəqənin uşaqlarıdır. Bunların bəziləri də ağanın rəiyyətinin uşaqlarıdır. Bəziləri vergi ucundan, bəziləri böyük pul müqabilində alınan uşaqlardır. Bu kimi əxlaq pozğunluğu nəticəsində üz verən hadisələr daha böyükdür. Məcdüssəltənənin gənc qadınlarından bəzisi bu uşaqlarla yaşamağa məcbur olurlar, çünki ərləri daha uzun müddətdən bəri onlara yaxın getmir. Çox müdhiş hal budur ki, gənc qadınlardan bəzisi bu vəziyyətə davam getirmədiyindən özünü gölə atıb boğurdu. Eyni zamanda bir-birinə qısqanan uşaqlar da ara-sıra bir-birini öldürüb yaralayırdılar. Məsələ burasındadır ki, balıq başdan qoxur. Padşah da, vəliəhd də bu xəstəliyə tutulubdur. Hələ hazırkı Məhəmmədəlini demirəm. Bunun atası Müzəffərəddin şahı götürəndə onun özü də bu xəstəliyə tutulmuşdu. O, oğlu Məhəmmədəlinin toyunda oynayan mütrib Əli xanı hərəmində həftələrlə saxlamışdı. Atasından tərbiyə götürən vəliəhdə gəldikdə bütün Azərbaycanı gəzib rastına keçən gözəl gəncləri özü ilə bərabər Təbrizə gətirmişdi. Urmulu Hacı Şücaüddövlənin oğlunu gətirdi. Təbrizdə Mir Manaf sərrafın oğlunu aparıb saxladı. Sonra sərtiblik verib buraxdı. Yanında həmişə Abidin xan Mücəllələlüsultanı saxladı. Burada sənə daha qəribə bir söz deyəcəyəm. Onda ki, Məhəmmədəli şahın hərəmi Sürürüssəltənəni Tehrandan gəlin gətirdilər. Məhəmmədəli şah təzə qadınını istiqbal üçün Vasminc qəsəbəsinə qədər getmişdi. Bu əxlaqsız getdikcə yanınca Abidin xanı da faytona qoyub aparmışdı. Sürürüssəltənə bunu görərkən acıq edib Tehrana qayıtmaq istəmiş. Qadın acıqlanaraq: «Sənin qadının ola-ola mənə nə üçün zəhmət verdin?» – deyib ağlamışdı. Bu cür şeylər çoxdur. Bunun atası Müzəffərəddin şah Təbrizdə vəliəhd olduğu zaman Məhəmmədsadıq xan onun yaxın adamlarından idi. Bunun oğlu Hüseynpaşa xan gözəl bir cavan idi. Müzəffərəddinin bu oğlana aşiq olduğunu hiss edən Məhəmmədsadıq xan, oğlunu gecə ilə Qaradağa öz kəndinə göndərmişdi. Bir neçə ildən sonra oğlan çiçək xəstəliyinə tutulub çopur olduqda atası Təbrizə gəlməsinə icazə verdi. – Hüseynpaşa xan kimdir? – deyə soruşduqda qoca gülümsünüb dedi: – İndiki Əmir Bahadır-cəng. İndiki hərbiyyə vəziri. Hazırda Lyaxovla əlbir olub parlaman binasını topa tutan cənab! Bu adam məşrutənin dağılmasında birinci rol oynamışdır. – Çox razıyam! Mənə böyük məlumat verdin! – dedikdə qoca ah çəkdi. Son sözünü belə qurtardı: – Kübar ailələrdə olan alçaqlığı bilsən, onların bu xalqın başına nələr gətirdiyini öyrənsən, nə qədər ömrün varsa, yadından çıxarmazsan, oğlum! Mən kübar ailələrin əxlaqsızlığı haqqında bir çox bu kimi işləri yalnız eşitmək deyil, öz gözümlə də gördüm. Abdulla xanın evindəki qonaqlıq bunu mənə bir daha isbat etdi. Qadınlar kişilərini qeyri-təbii eşqdən qaytarmaq üçün özlərini uşaq şəklinə salmağa məcbur olmuşdular. * * * Nina və Səttar xanın qadınları Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı. Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq. «Russkoye slovo» qəzeti müxbirinin Bakıdakı İran İnqilabi Komitəsindən kağız gətirməsi, xüsusən «Russkoye slovo»nun Təbriz inqilabı haqqında bir neçə yaxşı məqalə yazması onun Təbrizə girməsinə və Səttar xanı ziyarət etməsinə imkan vermişdi. Sonra Nina Səttar xan və onun ailəsini ziyarət etdiyindən danışaraq deyirdi ki: – Qapıda çox müsəlləh adam vardı. Biz vəsiqələri verdik. Onlar rusca çox gözəl oxuyurdular. Qafqazlı olduqları simalarından bəlli idi. İçəri girdik. Çox otaqları vardı. Burada müsəlləh adamlar qaynaşırdı. Biz burada Səttar xanın yanına yetişirik deyə özümüzü düzəltdik: Sərdar içəri daxil olmaq üçün icazə verdi. Mən və Tardovun arvadı qadın olduğumuz üçün Tardovdan qabaq içəri girdik. Sərdar döşək üstündə oturub qəlyan çəkirdi. Başı açıqdı. Bizi görərkən təəccüblə baxdı və yanından börkünü götürüb başına qoydu. Tardov da içəri girmişdi. Sərdar ayağa qalxmadı, ona yer göstərdi. O oturarkən Sərdar yalnız bir az hərəkət etməklə kifayətləndi; biz bir tərəfdə quruyub durmuşduq. O, ayağa qalxdı. Bizə əl uzatdı. – «Xanımları hərəm odasına aparın» – deyə qoca bir kişiyə işarə etdi. Biz içəri girdik. Şərqin nəfis ipəkləri, Kirman, Saraqun qiymətli xalçaları, Kaşanın məxmərləri ilə zinətlənmiş odaya girdikdə Səttar xanın böyük qadını döşək üstündə oturub qəlyan çəkirdi. İpək bağlamaya dayanıb oturan bu qadın bizi görərkən ayağa qalxdı. İran adətincə əlimizi sıxdı. Bizi qoltuqlu sandalyalar üzərində oturtdu. Cürbəcür şirni, yağlı və şirin çörəklər, papiroslar, siqarlar gətirdilər. Xanım bizi yedirmək üçün cürbəcür şivələrlə danışdırır və məşğul edirdi. Mən onun bütün dediklərini anlayırdım. Qadın təxminən 35 yaşında olardı. Onun qəlyan və papiros çəkməkdən qabaq dişləri qaralmışdı. Heç bəzəyi yoxdu. Gözəldi. Onun hər bir hərəkəti bizi məşğul edirdi. Ayaq üstündə gənc və gözəl bir qadın durmuşdu. O, xanımın yanında yerə oturmur, ağzından yaşmağını çıxarmırdı. O, Səttar xanın inqilabdan sonra aldığı qadın idi. Buna görə də hərəmdə böyük sayılan birinci qadının yanında yerə oturmaqdan həyalanırdı. Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini daşıyırdı. Gözləri həddindən artıq qara idi. Sürmə çəkdiyi bəlli idi. Gözlərini qapadıqda qara kirpikləri birağızlı daraq kimi hər iki tərəfdən çöhrəsinə yayılırdı. Qadınların hər ikisi dırnaqlarına xına yaxmışdı. Böyük qadın topuqlarına xırda altun və inci ilə düzülmüş xalxal bağlamışdı. Kiçik qadında bu yoxdu. O, uzunboğazlı və nəfis alman corabı geyinmişdi. Kiçik qadın böyük qadını bacı deyib səslədikdə o «can» deyə cavab verirdi. Bunlar sanki bir-birləri ilə rəqabət aparan qadınlar deyildi. Amma ikisinin də simasında olan pozğunluq və fikir yorğunluğu onların bir-birinə gizlin rəqabət hissi bəslədiyini göstərirdi. Səttar xanın hərəmində başqa İran əyanları kimi qadın qələbəliyinə təsadüf etmədik. Orada yalnız bir qadın qulluqçusu vardı. Bizi götürüb bütün otaqları göstərdilər. Qadınların hər birisi üçün başqa otaq vardı. Səttar xanın özü üçün də xüsusi otaq vardı. Evlərdə çarpayı qəbilindən heç bir şey yox idi. Otaqları gəzdikdən sonra böyük qadın sandıqdan iki üzük çıxarıb birisini mənə, digərini də Tardovun qadınına verdi. Yanındakı gənc qadına işarə ilə: – Bunları kiçik xanım sizə hədiyyə edir, – dedi. Bizi bayıra çağırdılar. Getmək vaxtı idi. Səttar xanın oturduğu otağa girdik. Səttar xan Tardovla öz mütərcimi vasitəsilə danışırdı. O, yenə də silahlı idi. Danışarkən yenə də dik gözləri parıldayırdı. Açıq alnı və heybətli çöhrəsi vardı. Sözündən, hərəkətindən, duruşundan ancaq əski dövrlərə məxsus «vuraram», «öldürərəm», «yıxaram» deyən ibtidai qəhrəmanlara bənzəyirdi. Biz onunla vidalaşarkən hamımıza əl verdi. Qabaqca qadınlara, sonra isə Tardova. Bizi qapıya qədər ötürdü. Çox yumşaq və həlim bir surətdə danışırdı. Yenə adəti üzrə əlini tez-tez başına çəkirdi. Çox təmiz geyinmişdi. Üstündə ağır silah və patron dolandırırdı. Bütün ehtiyat qüvvələri, atlı, piyada hamısı əmrə hazırdırlar. Ona hər beş-on dəqiqədə bütün cəbhələrin işləri haqqında məlumat verilirdi. Demək olar ki, Sərdar bütün cəbhələri şəxsən idarə edirdi. Bağır xanla tez-tez danışırdı, çünki şiddətli vuruşmalar Bağır xan cəbhəsində gedirdi. Biz bayıra çıxanda Səttar xan da atlanıb Xiyaban cəbhəsinə yola düşürdü. Çıxarkən Səttar xanın evini seyr etdik. Fəqir və adi bir görünüşü var idi. * * * Bağır xan öz nüfuzunu itirmişdi. O, Rəhim xan Təbriz ətrafına gəldikdə rus bayrağı himayəsinə girdiyindən bu ləkəni öz üzərindən silməyə çalışırdı. Bağır xanın yanında Təbrizin ən məşhur igidləri və ən yaxşı, tədbirli adamları toplanmışdı. Bala Tağı və Cəlil xan kimi adamların olduğuna baxmayaraq, Bağır xan özü tədbirsiz idi. Nəhayət, o bu ləkəni öz üstündən təmizlədi. Bağır xan bütün qüvvətini hazırlayıb Rəhim xanın üzərinə qəti hücuma keçdi. Rəhim xan bütün silah və hərbi ləvazimatını Sahib-divan bağında buraxıb qaçmağa məcbur oldu. Rəhim xan bişmiş plovunu belə qazanlarda qoyub qaçdı və rus himayəsinə keçmək üçün rus bankına məxsus olan bağda yerləşdi. Buna görə də Təbrizdə rahat nəfəs alınacağına ümid olunurdu. Rəhim xanın bu məğlubiyyətindən sonra rus konsulunun nə təşəbbüsdə olacağı məlum deyildi. Bu vəziyyəti öyrənmək üçün Nina ciddi surətdə çalışırdı. Nina şifrə şöbəsindən başlamış tərcümə şöbəsinə qədər gəzmişdisə də bir şey əldə edə bilməmişdi. Tam bu günlərdə Nina konsul mütərcimi Mirzə Fətulla xan Babayevdən bir sevgi məktubu almışdı. Məktubda belə yazılırdı: «Gözəl Nina! Hər gözəl qadına gözəl demək adətdir. Lakin sizin yüksək gözəlliyinizi gözəl sözü tamamilə ifadə edə bilmir. Siz bu məktubu axıra qədər oxusaydınız mən özümü xoşbəxt hesab edərdim. Amma bilirəm ki, oxumursunuz. Oxusaydınız, cavab verərdiniz. Çox təəssüf edirəm ki, sizə baş əyən, hər əmrinizi dini bir vəzifə kimi ifa etməyə hazır olan Babayevi lazımınca tanımamısınız. Siz mənim konsul yanında olan hörmətimi, imperatora olan səmimi xidmətlərimi və bütün Təbrizdə bir Allah kimi tanındığımı lazımınca qiymətləndirə bilməmişsiniz. Onu da bilirəm ki, azadsınız. Bu müddətdə bir kəsi sevmiş olsaydınız, ərə gedərdiniz. Siz Arşakdan ayrıldıqdan sonra daha ərə getməyəcəyiniz üçün konsulun yanında and içəndə mən sevindim. Çünki mənə də bu lazım idi. Mən bu azadlıqdan istifadə edib sizinlə yaşayacağımı düşünürdüm. Bu fikrimi sizə də söyləmişdim. Sizə olan məhəbbətimi sözdə deyil, işdə və həyatda da sizə göstərirdim. Sizi sevdiyimi və bu sevgi yolunda hər bir fədakarlığa hazır olduğumu gözəlcəsinə anlayırdınız. Siz mənim bu fikrimi bildikdən sonra uşaqların dərsindən də ayağınızı çəkdiniz. Bu isə mənim ailəmdə şübhələrə səbəb oldu. Yoldaşım mənim tərəfimdən sizə qarşı bir hörmətsizlik üz verdiyindən şübhələnir. Hər halda dərsləri birdən-birə atmağınız evimizdə yaxşı təsir bağışlamamışdır. Bu kimi şübhələrə meydan verməmək üçün heç olmasa bir neçə gün dərsə davam etməyinizi rica edərdim. İkinci kərə təkrar edirəm ki, mən sizin üçün hər bir imkanı yarada bilərəm. Siz bilirsiniz ki, mən Təbrizin Allahı kimiyəm. Saat altıda dərsə davam edəcəyinizə ümid edirəm. Sizin xeyirxahınız, Fətulla». Nina konsulun Rəhim xan məğlubiyyətindən sonra nə təşəbbüsdə olacağını öyrənmək üçün Mirzə Fətulla xanın evinə getməyə hazırlaşdı. * * * Axşam saat doqquzda Ninanın evinə getdim. Nina Mirzə Fətulla xanın evindən qayıtmışdı. Məmnun görünürdü. O məni görən kimi tələsərək dedi: – Dayanmaq vaxtı deyil. Olsun ki, sabah Təbriz üzərinə ümumi hücum başlansın. Rəhim xan konsulxanaya belə bir məlumat vermişdir: «Təbriz ətrafına toplanmış hökumət qüvvələri öz nöqsanlarını düzəltmişdir. Yeni atlı dəstələrinin də gəldiyini konsul cənabına məlum edirəm. Surxab, Dəvəçi, Qaraməlik camaatı da bizə kömək verməyi öhdələrinə almışdır. Burada Nayib Həsən, Nayib Kazım və Əsgərin sərkərdəliyi altında müsəlləh qüvvə təşkil etmişlər. Təzə hücum Sallaxana, Əmrəxiz, Şütürban, Ləklər, Seyid İbrahim, Saman meydanı və Dəvəçi bazarçası tərəfindən başlanacaqdır. İstanbul qapısı tərəfindən Səttar xanın qərargahı olan Əmrəxiz dörd tərəfli hücum qarşısında qalacaqdır». Məsələni lazımi yerlərə xəbər vermək üçün uzun bir vaxt lazımdı. Rəhim xanın qaçdığını görən şəhər uyumuşdu. Bir çoxları mərsiyə məclislərində, bir çoxları toylarda, qumarxanalarda, kefxanalarda idi. Bir çox müsəlləh dəstələr də evlərinə buraxılmışdı. Səttar xan camaat arasında ruh yüksəkliyi oyandırılmasını lazım görürdü. O, Qaraməlik və Surxab məhəlləsinin dalınca başqa küçələrin də Rəhim xana qoşulmasından qorxurdu. Natiqlərə və məşrutəçi mollalara xəbər göndərildi. Təbliğat işlərinin şəkli yenə də əvvəlki kimi qalmışdı. Təbliğat yenə də mərsiyə demək və xalqı ağlatmaqdan ibarət idi. Xalqa inqilabın nə istədiyi və hökumətdən nə tələb etməsi haqqında heç bir söz demirdilər. Bu barədə Səttar xanla çox danışıldı; lakin o, öz təbliğat üsulundan əl çəkmirdi. Onu ruhuna qədər əlinə almış hacı, heç vaxt inqilabın doğru yolla getməsinə imkan vermirdi. * * * Bu gün saat üçdə Nina mənə bir intibahnamə də verdi. Bu intibahnamə konsulxanada düzəlib əks-inqilab təşkilatı olan «İslamiyyə» vasitəsilə şəhərə buraxılacaqdı. – «Ey müsəlmanlar! Qeyrət edin, sizin qeyrətiniz harada qalmışdır? Bu babilər məşrutə bəhanəsilə aralığa çıxıb öz dinlərini möhkəmlətmək istəyirlər. Yaxın zamanda islamiyyə tamamilə əldən gedəcəkdir. Bu dinsizlərin rişəsini kəsmək sizin hamınıza vacibdir». Konsulxananın xüsusi adamları «İslamiyyə»də toplanmış mollalar içərisində çalışırdı. Konsulxana bütün işini bunların vasitəsilə idarə edirdi. Bu hərəkət yüz faiz din, məzhəb, mövhumat əsasları üzərində qurulmuşdu. Səttar xanın da hərəkətinə təkan verə biləcək təbliğat üsulu bundan ibarət idi. Səttar xan ümumi hücum xəbərini alar-almaz gecə ilə Həzrəti-Abbas və Həzrəti-Qayimi-ali-Mühəmməd adına iki bayraq hazırladı. Səhər tezdən bu bayramların inqilab şurası damında vurulması xəbəri bütün şəhərə yayılmışdı. Demək olar ki, bütün Təbriz böyükdən kiçiyə qədər ayaq üstündə idi. Silahına gümanı gələn götürüb Səttar xanın qapısına gəlmişdi. Hətta Rəhim xana söz vermiş Qaraməlik və Surxabdan da adamlar gəlmişdi. Bayrağa 20 nəfər tüfəngli qarovul qoyuldu. Camaat hələ dağılmamışdı. O saatda İnqilab Şurasının həyəti döşəndi. Molla Qaffar Cərəndablı Həzrəti Abbas mərsiyəsi oxudu. Camaat ağladı. İnqilabın müdafiəsinə and içildi. * * * Yeni hücumlar Qaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər. İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı: «Təbriz əhalisi! Bugünkü müharibədə dindən və islamiyyətdən çıxmış istibdadçılar sahibüz-zəman və Həzrəti-Abbas bayraqlarını aparmaq üçün əncümənə hücum etmişdilər. Qəhrəman mücahidlər cənabi-sərdari-milli Səttar xanın himməti sayəsində buna imkan vermədilər. Müstəbidlər Həzrəti-Abbas və Qaimi ali-Mühəmmədin bayrağına minlərcə güllə vurublar. Bundan başqa, din və islamiyyət düşmənləri Məcdülmülk mağazalarında beş yüz cild Quran yandırmışlar». Bu elan kütlə arasında o qədər də yaxşı təsir bağışlamadı. Mən bunun yanlış fikir olduğunu Səttar xana bir neçə kərə söylədim. Əhalinin artıq bu cür işlərə əhəmiyyət vermədiyini göstərdim. Yenə də qulaq asmadı, çünki Təbriz inqilabçıları inqilab təbliğatı aparmaq üçün bundan başqa bir yol tapa bilmirdilər. Elanlara əhəmiyyət verilmədiyini gördükdə vaxt ikən hazırlanmış adamlardan yığıb mərsiyəxan, sinə vuran dəstələrini küçələrə buraxdılar. Belə bir zamanda toylar, keflər, qumarxanalar yenə də davam edirdi. Bir tərəfdən də şahzadə Eynüddövlənin Azərbaycan valisi təyin edildiyi və böyük ordu ilə Təbriz üzərinə hərəkət etdiyi xəbəri bu macəralarla dolu olan şəhərə yayılmaqda idi. Bu xəbər Təbrizə yayılan kimi Bağ-meşə məhəlləsi qorxusundan Rəhim xana təslim oldu. Başqa məhəllələrin də təslim olacağı qorxusu vardı. Hacı Mehdi Küzəkünani yenə də neçə gündən bəri evinə qapanıb əncümənə gəlmək istəmirdi. O, işin axırından qorxurdu. * * * Məni də toya çağırmışdılar. Bu, bir mücahidin toyu idi. Ninanı da özümlə bərabər toya aparmaq üçün gəlmişdim. Lakin o, evdə deyildi. Yarım saat gözlədikdən sonra Nina gəlib çıxdı. Nina Eynüddövlənin hücumunu eşidib rus himayəsinə girmək üçün ərizə verənlərin siyahısını mənə göstərdi. Bundan başqa, Nina rus general-konsulu Millerin hökumət qoşunu komandirlərinə verdiyi təlimatın surətini gətirmişdi. Burada da Eynüddövlənin Ərdəbilə yetişdiyi, Şatranlıda böyük ordu hazırlığında olduğu xəbəri verilirdi. Mən əldə edilən məlumatı lazımi yerlərinə vermək və təcili təşəbbüsdə olmağa lüzum görmədim, çünki çox gecdi. Getsəydim belə kimsəni tapa bilməyəcəkdim. Həsənağa mücahid özü də Ninanın evinə gəlib bizi toyuna aparmaq üçün tələsdirirdi. Bu günlərdə Təbrizdə toy çox idi. Bəzi mücahidlər varlı qızlarla evlənirdilər. Dövlətlilər və mülkədarlar vasitə ilə, rüşvətlə olsa da, öz bacılarını, qızlarını inqilabçılara verib öz mövqelərini bununla müdafiəyə çalışırdılar. Bizim tanıdığımız Həsənağa da Ağa Qasım adlı bir varlının qızını almışdı. Mən onun evlənməsinə razı deyildim. Toyuna da getmək istəmirdim. Nina isə məni buna məcbur edirdi. Həsənağa öz aldığı qızın həddindən artıq gözəl olduğunu Ninaya dəfələrlə söyləmişdi. Buna görə də Nina Təbriz gözəlini görməklə maraqlanırdı. Nina bu toya çoxdan hazırlaşmış və dostumuzun yeni aldığı bu qıza hədiyyə vermək üçün qiymətli bir baş şalı da almışdı. Biz, doğrudan da, Həsənağanı çox sevirdik. O, qəhrəman bir gənc idi. Azərbaycanlılar arasında birinci bombanı atan bu gənc idi. Özü də olduqca yoxsul bir ailədən idi. Həsənağa təmiz qanlı, sədaqətli, inqilabı səmimi sevən, ona bütün varlığı ilə xidmət edən bir Təbriz işçisi idi. Həsənağanın fabrikdən xaric edildiyi 6 aydan artıq deyildi. O, məşrutəçilərlə əlaqədə olduğundan gəncəlilər onu fabrikdən bayıra atmışdı. Anası Təhminə xanım mənim mənzilimi təmizləmək və paltarlarımı yumaq üçün tez-tez yanıma gəlirdi. Oğlunun işsizliyindən çox şikayətlənirdi. Oğlunun ağlını, fərasətini, hətta qəhrəman bir gənc olduğunu deyib tərifləyirdi. Bir neçə gündən bəri Təhminə xanım məni evinə qonaq çağırdı. Getmək istəmirdim. Onların fəqir olduğunu bilirdim. Xəcalət və zəhmət çəkmələrinə razı olmurdum. Günlərin birində Təhminə xanım məni yenə də evlərinə aparmaq və onun süfrəsində iştirak etməyi təklif etdi. Bu dəfə qadının xatırı qalmasın deyə bu təklifi qəbul etdim. Bugünkü ziyafət Qurban bayramı münasibətilə imiş. Lakin Təhminə xanım qurban kəsməmişdi. Hətta başqaları ilə şərik belə olmamışdı. Məni yarısı həsir, yarısı köhnə palazlarla döşənmiş bir otağa aldılar. Otaqda olan şeylərin hamısı köhnə idi. Lakin burada fövqəladə bir təmizlik vardı. Evə və evdəkilərə baxdıqca insanı heyrət götürürdü. Mən bir çox yerdə fəqir və yoxsul evi görmüşdüm. Təbrizdə təsadüf etdiyim bu yoxsul ailə qədər fəqir və yoxsul bir ailə görməmişdim. Yamaqlı olmayan palaz, yamaqlı olmayan paltar, pərdə, yorğan-döşək görmədim. Bu otaqdan başqa bir otaqları da vardı. Şübhəsiz ki, onların dəyərli şeyləri qonaq otağında idi. Yuxarı başda tükləri tökülmüş köhnə bir məxmər döşəyin üstündə oturmuşdum. Doğrudan da, özümü ən həqiqi bir İran işçisinin evində hiss edirdim. Evin başçısı Həsənağa yerə oturmayır, məndən utanırdı. Mən ayağa qalxdım. Onun əlini ikinci kərə sıxıb: – Otur yoldaş, otur, – dedim. – Biz ikimiz də bir söz deyirik. Həsənağa nə dediyimi anlamadı. Fəqət yanımda oturdu. O, çox dilli-ağızlı gənc olduğu kimi, hər bir hərəkətində səmimi olduğunu göstərirdi. Təhminə xanım birdən-birə yox olmuşdu; hara getdiyini bilmirdim. Həsənağa çay və yemək hazırlamaq üçün icazə istəyib ayağa qalxdı. Mən yenə də evdə olan şeyləri gözdən keçirirdim. Tağlarda düzülən kasaların dal tərəfləri sınıq idi. Kasaların arasında köhnə papiros qutuları düzülmüşdü. Taxçalarda xırda və zərli sandıqlar (mücrü) qoyulub üstünə örtük çəkilmişdi. Divarlarda buğda sünbülündən toxunmuş cürbəcür şeylər asılmışdı. Evin görkəmli yerlərini boş fransız kibrit qutuları tuturdu. Bu ailənin malik olduğu şeylərə öz ürəyimdə qiymət verirdim. Onların ev şeyləri Təbrizin bazarında təxminən beş tümən çıxara bilərdi. Mis və çini qablardan başqa heç bir şey gözümə dəymirdi. Gözləmədiyim halda qapı açıldı. Qabaqca Nina və onun dalınca Təhminə xanım gülə-gülə içəri girdilər. Təhminə xanım mənim bundan acığım gəlməsin deyə sözə başladı: – Bu gün bizim əziz günümüzdür. Gərək bağışlayasan. Hərçənd kasıbıx, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil elədim. Nina xanımı da çağırdım. Eybi yoxdur. Hamı dövlətli olmaz ki. – Nə eybi vardır, Təhminə xanım? Çox təmiz ailəniz vardır. Mən burada özümü anamın yanında olan kimi hiss edirəm, – deyib ona təsəlli verdim. Lakin Ninadan xəbərim yox idi. O, ikinci otağa keçib Təhminə xanımın qızlarına baxırdı. Çay hazır oldu. Ninanı çağırdılar. Nina gəlib bir xırdaca döşəyin üstündə oturdu. Stəkan hamıya çatmırdı. Növbəylə içdik. Yemək üçün süfrə açıldı. Süfrə İsfahanda toxunmuş «qələmkar» adlı güllü bir parçadan idi. Bir neçə yerdən yamanmışdı. Amma olduqca təmizdi. Bu gün Təhminə xanımın qurban kəsməyə qüdrəti olmadığından var-yoxu hesab olunan bir dənə xoruzunu kəsmişdi. Xörək Təbrizdə ən sevimli xörək sayılan plov idi. Plovu nazik çörəklərlə yeməli idik. Ninadan ötrü qaşıq istədik. Ağacdan bir qaşıq gətirdilər. Xörək yeyilməzdən əvvəl Təhminə xanım qızları səslədi: – Töhfə, Sənubər! Qızım, gəlin içəri! Burada yad yoxdur, özümüzüx! Qırmızı və yaşıl güllü çitdən çadra örtmüş iki gənc qız içəri girdi. Salam verdilər. Oturmadılar. Onların çox fəqir bir paltarda olması, həm Ninaya, həm də mənə böyük bir qəmginlik verirdi. Utanırdılar. Bir yerdə yeyə bilməyəcəkdilər. Saxsı və dərin bir qabda onların payını verib o biri otağa getmələrinə icazə verdilər. Qabları azdı. Nina ilə mən bir nimçədə, Həsənağa ilə Təhminə xanım da bir nimçədə yedilər. Yemək bitdikdən sonra ikinci dəfə çay gətirdilər. Çay içə-içə Həsənağadan nə iş görmək istədiyini soruşdum: – Bəs indi nə iş görmək fikrindəsən? – Siz özünüz mülahizə edin. Hazırda Təbrizdə nə iş görmək olar? Xalça fabrikləri qapanmışdır. Açıq olsa da, məni oraya buraxmazlar, çünki adım pisə çıxıbdır. Hazırda özüm də nə iş görəcəyimə məəttəl qalmışam. Hərgah köhnə vaxt olsaydı, zəifliyimə baxmayıb hamballığa da gedərdim. Nə fayda ki, bu da yoxdur. Həsənağa danışarkən mən düşünürdüm. Öz-özümə sual verirdim: əcəba, Təbrizdə bu kimi dağınıq işçilər təşkil olunarsa, burada nələr görmək olmaz? Bu fikrin təsiri altında dedim: – İndi ki, sən inqilabçısan, inqilab cərgəsində də olmalısan. Mən sabah sənin üçün iş taparam. – Hər nə iş olsa görərəm. Hərgah siz məni bir yerə işə qoymaq istəsəniz hər barədə xatircəmlik verə bilərsiniz. Yaşım az da olsa təcrübəm çoxdur. Mənim üstümdə sizə söz gəlməz. Buna mənim özüm də razı olmaram. Təhminə xanım onu müdafiə edib dedi: – Həsənağa mücahid yazılmağı çox sevir. Amma nə bilim, bu iş də çox qorxuludur. Həsənağa anasını qarşılayıb: – Nə qorxu ola bilər? – dedi: – Səngər nə qədər qorxulu olsa, yenə də rütubətli xalça fabrikindən qorxulu olmayacaq ki? * * * Həsənağa az müddət içərisində çox iş gördü. O öz rəğbəti ilə bombaçılıq vəzifəsini götürdü. Hətta qaradağlılar Mirzə Cavadağa küçəsinə hücum etdikləri vaxt bu işdə öz məharətini göstərə bildi. Mən Həsənağanın varlı qızına evlənməyini məsləhət görmədim. Doğrudan da, Həsənağa kimi namuslu bir işçinin varlı qızına evlənməsi böyük bir xəyanət idi. Daima Həsənağanı bu işdən daşındırmağa çalışırdım. Onu öz yanıma çağırıb, nəsihət verdim. O utandığından bu xüsusda mənə heç bir söz demədi. Həsənağa mənə verəcəyi cavabları gedib Ninaya demişdi. Onun özünün dediyinə görə Ağa Qasımın qızı Nazənin onu sevir. Hələ Həsənağa onun atasının yanına elçi göndərmədən əvvəl onlar qızla görüşüblərmiş. Onlar bir kərə «Dəllaləzən» ağzında, bir dəfə Hacı Səfər Əli Mədrəsəsinin qapısı arasında misgər bazarının ağzında görüşmüşlər. Nazənin, hətta Həsənağanı görmək üçün Gəcil qəbiristanına, Acıdan qapısına da gələrmiş. Həsənağanın dediyinə görə atası qızı öz razılığı ilə verməzsə, Nazənin özü də qoşulub qaçmağa söz vermişdir. Qızın çox gözəl olduğu, mütəqabil sevgi olduğu üçün Həsənağanı bu yoldan qaytarmaq mümkün deyildi. Mütəqabil sevgiyə mane olmağımı Nina da çox kəskin bir surətdə tənqid edirdi. Həsənağa məni gözləyirdi. Mənim razılığımı almadan Ağa Qasımın yanına elçi göndərməyə də utanırdı. Nəhayət, razı oldum. Adam göndərildi. Ağa Qasım imtina etmədən qızı verməyə razı oldu. Üzük, paltar və sair şeylər də hazırladıq Həsənağa və anası Təhminə xanım gəlinləri Nazənini tez köçürüb gətirmək istəyirdilər. Lakin qızın atası Ağa Qasım toy məsələsini bu gün-sabaha salırdı. Buna səbəb də Rəhim xanın Təbriz üzərinə hücum etmək üçün hazırlanması idi. Ağa Qasım məsələni ləngitməyə, Rəhim xan məşrutəni dağıdarsa qızı verməkdən boyun qaçırmağa çalışırdı. O, hətta qızın Həsənağaya görünməsini də qadağan edirdi. Nəhayət, Bağır xanın hücumundan sonra Rəhim xanın Bang bağına qaçması Ağa Qasımın ümidlərini alt-üst elədi. Nə edəcəyini şaşırdı. Digər tərəfdən də Həsənağa onu hədələyir və tələsdirirdi. Toy başlandı. Bu gecə qız gətiriləcəkdi. Həsənağa isə məni və Ninanı aparmaq üçün özü gəlmişdi. Cümə axşamı, toyun axırıncı günü idi. * * * Həsənağanın toyu Toy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu. Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı. Gəlini çox dəbdəbə ilə gətirdilər, qadınlar olan otağa apardılar. Bir azdan sonra bayırda çox uca səslər eşidildi. Həsənağanın səsi də eşidilirdi. Ara qarışmışdı. Nə olduğunu öyrənmək üçün dayanmadım. Ninanı götürüb bizi qapıda gözləməkdə olan faytona mindirərək evinə apardım. Faytonla gəldikdə Əhrab tərəfindən şiddətli yaylım atəşlərinin səsi eşidilirdi. Burada böyük bir hadisə üz verdiyi şübhəsiz idi. Nina toyda qalxan hay-küy və ixtilaf və orada özünün necə qəbul edilməsi haqqında belə bir izahat verdi: – Mən otağa girəndə Həsənağanın anası Təhminə xanım qolumdan tutub evdə oturan qadınlara dedi: – Bu bizim Həsənağanın yoldaşının nişanlısıdır. Qızlar, gəlinlər ətrafımı aldı. Məni bir çocuq kimi tumarlayır və paltarlarıma əl çəkirdilər. Təhminə xanım isə: – Qızı yormayın, bəsdir! – deyə məni üstünə döşək salınmış bir sandığın üstündə oturtdu. Qızlar, gəlinlər hələ ətrafımdan çəkilməmişdilər. Onlar köynəyimə, şarfıma, saçıma, hətta başımdakı darağa qədər yoxladılar. Məni lazımi qədər təhlil etdikdən sonra hamısı birağızdan dedi: – Allah sənə də qismət eləsin. Sənin də toyunda oynayaq! Oynadılar, məni də aralığa çəkdilər. Lakin onların musiqisi ilə oynamağı bacarmadım. Oyunlar bitdi. Gəlini gətirməyə gedəndə məni də aparmaq istəyirdilər. Təhminə xanım isə – qızı incitməyin, – deyə məni onların əlindən aldı. Həsənağanın bacıları, gəlinin yerini xalça üzərində açmağa başladılar. Buna dövr deyirdilər. Gəlini gətirib bu döşəyin üzərində oturtdular. Qadın və qızlar dövrə vurub bunun ətrafında oturdular. Bunun üçün də döşəyə «dövr» deyirmişlər. Gəlinin cehizlərini yoxladıqda Ağa Qasımı söyürdülər; çünki çox fəqir və az cehiz vermişdi. Bir nəfər oğlan oynadı və gəlib gəlinin üzündən duvağı götürdü. Gəlinin üzünə ağ-sarı zər vərəqlər yapışdırıb başına parlaq cığ-cığa tökdüklərindən onun hər tərəfi parlayırdı. Üzünə baxanda insanın gözü qamaşırdı. Təhminə xanım gəlinə diqqətlə baxdıqda: – Vay, oğlumun evi yıxıldı! – deyə əli ilə dizlərinə vurdu. Evdə hay-küy qopdu. Mən gəlinin üzünə baxmağa maraqlandım, çünki Həsənağa öz nişanlısını çox tərifləmişdi. Baxdıqda məni heyrət götürdü. Onun bir gözü kordu. Başı keçəldi. Qadınlar bir-birinə baxıb deyirdi: – Bu Nazənin deyil, onun ögey bacısı Suğradır. Qız ağlayır və qorxurdu. Həsənağa gəlib məsələni bildi. Ağa Qasımı öldürmək üçün getdikdə ona mane olub qoymadılar. Təhminə xanım ağlayırdı. Qızları isə baş-gözünə vururdu. * * * Ninanı evinə yola saldıqdan sonra Əhrab tərəfindən gələn atışma səslərinin səbəbini öyrənmək üçün Səttar xanın yanına getdim. Eynüddövlənin gəlməsi, Rəhim xanın ümumi hücuma hazırlaşması, konsulxana tərəfindən hökumət qoşunu başçılarına verilən təlimat haqqında xəbər verdim. Səttar xan bu xəbərləri telefonda Bağır xana söylədi. Ehtiyatlı olmasını tapşırdı. Yardım lazımsa, bildirməsini rica etdi. Bağır xan «hazıram, heç bir şey lazım deyil», – deyə Səttar xanı arxayın etdi. Əhrab tərəfindən gələn gurultu get-gedə artırdı. Səttar xan evi dolaşıb oturdu. Bir qəlyan istədi. Bir neçə dəqiqədən sonra: – Bu nanəcib əhrablılar yaman vaxtda ixtilaf törətdilər, – dedi. Hayıf bu ad, bu şöhrət Nayib Əli və Kərbəlayi Məhəmməd kimi cahıllara! Bu iki qardaşın xatırını çox istərdim. Bunlar da məni yaxşı tanıyırdılar. Hərgah mən olmasaydım, şübhəsiz, onlar Əsgər Davatgəroğlu kimi alçaqlara qoşulub məşrutə əleyhinə çıxacaqdılar. Lakin məndən keçə bilmədilər. Ancaq mən bunlara nə qədər yaxşılıq etdimsə, hamısı hədər getdi... Əhrab məhəlləsinə yığışmış varlılar bu adamları yoldan çıxartdılar. – Sərdar, indi ki, bunlar pul və dövlət istəyirdilər razı salmaq və təmin etmək olmazdımı? – Mən bu iki qardaşa çox nəsihət etdim. Mümkün olmadı. Bunlar Əhrabı müstəqil bir hökumət kimi saxlamaq istədilər. Bütün dövlətlilər buraya yığıldı. Bunların himayəsində yaşadı. Bunlar «biz bitərəfik», deyə məşrutə düşmənlərini qanadlarının altına aldılar. Biz bu ordunu saxlamaq üçün Əhrabda oturanlardan bir qara şahı ala bilmirik. Hansı varlının yanına komissiyanın qəbzini göndərirəmsə, qəbzi aparanı tutub həbsə alırlar. – Doğrudan da, daxildə bu kimi düşmənləri qoyub xaricdəki düşmənlə mübarizə etmək çətindir. Bura bizim üçün ikinci Dəvəçidir. Bura atışma məntəqəsindən çox kənardadır. Buna görə də bütün varlılar, zənginlər, əks-inqilabçılar öz ailəsini Əhraba köçürmüşdür. Buraya yığılanlar, bunları himayə edən Nayib Məhəmmədlər onu bilir ki, mən rus konsulunun işlərə müdaxilə etməsinə imkan verməmək üçün Əhrab tərəflərində ixtilaf çıxarmaqdan çəkinirəm. Buna görə də onlar özlərini möhkəm hiss edirlər. Daha demirlər ki, mənə Səttar deyərlər. Mən səkkiz adamla hökumətin qabağına çıxmışam. Əhrab üstündə bütün məşrutə batsa da, dediyimi yerinə yetirəcəyəm. Mən varlıların pulu ilə qala şəklinə salınan Əhrabı dağıdacağam. Bu söhbət zamanı atışmalar daha da şiddət edirdi. 15 dəqiqə keçmədən Əhrab vuruşmaları haqqında Səttar xana raport gətirdilər. Raport gətirən mücahid Çərəndablı Teymur idi. O, belə raport verdi: – Məşrutəçilər Lilabad tərəfindən, Gəcil qəbiristanı həvalisindən Əhrabı əhatə etdi. Rasta küçə tərəfində qayrılmış darvazanı açmaq üçün yaxındakı məscidi işğal etdik. Darvazanın halqalarını qurşunla qırdıq. Darvaza başında durub güllə atanları aşağı tökdük. Bu hücumda Nayib Məhəmmədin və Nayib Əlinin evini mühasirəyə aldıq. Şiddətli atışma vardı. Atışma əsnasında Nayib Əli və qardaşının Gəcil qəbiristanı tərəfindən mühasirəni yarıb çıxdığı və bir nəfər mücahidi vurub öldürdüyü bəlli oldu. Onlar Küçə-bağ məhəlləsi ilə qaçırdılar. Bağlara və evlərə soxulub özlərini qurtarmağa çalışırdılar. – Sözü qısa elə! Sonra necə oldu? – Çox atışmadan sonra hər ikisi öldü. – Hayıf! Diri tuta bilməzdinizmi? – Sərdarın başı üçün heç mümkün olmadı. Çox səslədik. Bizi eşitmək istəmədilər. – Gedib meyidlərini adamlarına verin. Ev-eşiklərinə əl vurulmasın! * * * Bizim mücahid Həsənağanın toyu belə bir gündə vaqe olmuşdu. Həsənağanın bu müvəffəqiyyətsiz toyunun nə nəticə verdiyini və saxta gəlinin nə olduğunu bilmirdik. Nina Həsənağanın bu bədbəxtliyinə çox təəssüf edirdi. Neçə gündən bəri Təhminə xanımı da görməmişdi. Bizim balaca Məcid də xəstə idi. Uşaq atası, anası səngərdə öləndən bəri çox qəmli idi. Məcidin bu halı Ninaya da təsir etmişdi. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin «səfərə» getməsinə inanmırdı. Uşaq onların tələf olduğunu hiss edirdi. Nina uşağı çox sevirdi. Ona əlindən gələn qədər xidmət edirdi. Mən getdikdə Ninanın uşağa baxmaq üçün həkim gətirdiyini gördüm. Uşaqda elə bir xəstəlik yox idi. Nina onu məşğul etmək üçün cürbəcür şirin şeylər verdiyindən uşağın mədəsi xarab olmuşdu. Doktor dərman yazdı və yemək şeylərini, yemək vaxtlarını təyin edib getdi. Uşağın yeni xidmətçisi Səltənət bəyim samovarı gətirdi. Çay içdik. Məcidlə danışırdıq. Səltənət bəyimə isnişməsi və adət etməsi üçün onu dilə tuturduq. Qapı vuruldu. Həsənağa içəri girdi. Ayaq üstündə durub yerə oturmadı. Yer təklif etmədən oturan, daima nə varsa, götürüb yeyən, hətta çayı da özü töküb içən Həsənağanın ayaq üstə durub oturmaması bizə təəccüblü göründü. – Nə üçün oturmursan? – dedikdə Həsənağa utana-utana cavab verdi: – Nina bacını eşikdə çağırırlar. Nina dışarı çıxdı. Yanında üzüörtülü gənc bir qız, gülə-gülə içəri qayıtdı. – Bu Həsənağanın qadınıdır. – Necə qadınıdır? – Nazənindir. Həsənağanın sevdiyi qızdır. Həsənağa oturdu. Məsələnin nə yerdə olduğunu soruşdum. Həsənağa utana-utana söylədi: – Ağa Qasım ögey qızını Nazəninin yerinə göndərdikdən sonra Nazənini və kiçik oğlanlarını qadını ilə bərabər götürüb qorxusundan Dəvəçi məhəlləsinə qaçmışdı. Səhər tezdən qızı geri qaytardıq. Evdə yalnız 60 yaşında bir xidmətçi qadın qaldığı bəlli oldu. Qızı qoca arvada tapşırdıq. – Bəs Nazənin necə gəldi? – Özü xəlvətcə qaçıb gəlmişdir. Biz hamımız sevindik. Nina vaxtilə Nazəninə hədiyyə vermək üçün aldığı qiymətli şalı götürüb ona bağışladı. Barmağına bir dənə üzük taxdı. Nina Nazənini içəri otağa apardı. Bir azdan sonra Həsənağanı da otağa çağırdılar. Nə üçün çağırdıqlarını bilmədim. Bir azdan sonra Həsənağa qayıtdı. Səltənət bəyim axşam yeməyi gətirdi. Süfrəni düzəltdilər. Bir də gördüm ki, qabaqda Nina, onun arxasınca da Nazənin otağa girdi. Nazənin gəlmək istəmir. Nina onu çəkə-çəkə gətirirdi. Nazənin Ninanın bağışladığı şalı başına salıb yaşmaq tutmuşdu. Qız çox utanırdı. Həsənağa ona ürək verirdi: – Bura mənim qardaşım evidir. Utanma. Nina bacı da sənin kimi bir qızdır. O, heç də çəkinmir. Nazənin masanın bir guşəsində oturub Nina ilə bir yerdə yemək yeyirdi. O, doğrudan da, gözəl qız idi. Həsənağanı qəlbən, ruhən sevirdi. Nazənin dərs oxumuş, azərbaycanca, farsca yazıb oxumağı bilirdi. Atası müəllim gətirib onu evdə oxutdurmuşdu. Səltənət bəyim Nazəninə çox əyri-əyri baxırdı. O, təbrizli qızının üzünü açdığını, hətta onun gənc ərinin buna ixtiyar verməsini böyük bir bidət bilirdi. Buna görə də acıq edib şam da yemədi. * * * Şahzadə Eynüddövlənin Ərdəbildə ordu təşkil etməsi, Nəsrüddövlənin Tehrandan 7 min nəfərlik bir ordu ilə Təbriz üzərinə gəlməsi xəbəri rus konsulxanasında böyük ümidlər doğurmuşdu. Nina bu xəbərləri gətirdikdən sonra mən Səttar xanı gördüm, yenə də onun diqqət-nəzərini taxıl məsələsinə cəlb etmək istəyərək: – Sərdar, – dedim, – şəhərin alınmasına, düşmənin silah gücünə bizi təslim etdirə bilməsinə inanmıram. Təbriz küçələrinin darlığı və evlərin sıx düşməsi burada böyük ordu hərəkətinə imkan verməz. Bombalar və sairələrlə düşmənin qabağını saxlamaq mümkündür. Lakin aclığın qabağını saxlamaq mümkün deyildir. Şübhəsiz ki, şəhəri sıx bir sürətdə mühasirə altına alacaqlar. Nə qədər ki, fürsət vardır, hər yerdə taxıl varsa, şəhərin içərisinə daşınmalıdır. Səttar xan başını buladı: – Tacir qismi elə həyasız ünsürdür ki, dəmir hasarları yarıb şəhərə taxıl gətirər. – Gətirsə də elə qiymətə verər ki, almaq mümkün olmaz. Xüsusən şəhərdə nəqd pul ələ keçirmək mənbələri getdikcə azalır. – Necə yəni azalır? – Əbəttə, azalır. Varlılar çıxıb gedir. – Əcəba, xalqın yolunu kəsə bilərikmi? – Kəsə bilərik. Hazırda inqilabın gedişi bunu tələb edir. Bütün dövlətlilərin anbarlarını siyahıya almaq, onların şəhərdən çıxmasına imkan verməmək, onları burada girov saxlamaq lazımdır. – Nəyimizə lazımdır? – Onlar bizim əlimizdə olursa, hökumət ordusunun başında duranlara bir çox şərtlər qəbul etdirə bilərik. Xüsusən bunlar əlimizdə olursa, düşmən şəhəri bombardman etməkdən də çəkinər. Səttar xan bir az düşündükdən sonra bu fikirlərin hamısını təsdiq etdi. O heç vaxt öz səhvini inkar etməz, səhvini həqiqət deyə qəbul etdirmək üçün inad göstərməzdi. Bütün dediklərimiz Əncüməndə səsə qoyuldu. Lakin heç biri qəbula keçmədi. Səsdə əksəriyyət qazanmadıq. İnqilabın rəhbərlikedici heyətində tərəfdarlarımızın səsi çox azdı. * * * Sülh heyəti Eynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi. Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi. Şəxsən Səttar xanın mübarizə üsulunda inqilaba və onun əsl məqsədlərinə zərər verən cəhətlər də az deyildi. Mücahidlər kimlərlə atışdığını, hansı qüvvəyə qarşı mübarizə apardığını o qədər də bilmirdi. Mən heyətin gəlməsi haqqında Səttar xanın fikrini öyrənmək istədim. – Heyət çox təntənəli qarşılandı. Bu isə əhalinin Eynüddövləyə olan etimadını və rəğbətini göstərir, – dedim. – Siz bu kütlələrə hansı sinfin yolunda mübarizə apardıqlarını öyrətməlisiniz. Kütlələr inqilabın nə mahiyyətdə olduğunu düşünsələr, daha yaxşı mübarizə apara bilərlər. – Kütlələr inqilabın mahiyyətini çox gözəl bilir. Bu vuruşma dövlət tərəfində olanlarla dövlət tərəfində olanların düşmənləri arasında gedən bir müharibədən ibarətdir. – Sizin dediyinizə görə inqilabın burada heç bir vəzifə və rolu yox imiş. – Bəzən inqilab iki qüvvənin birinin əlində alət olmaq vəzifəsini daşıyır. Bu da məcburidir, çünki inqilabın özü də bu iki qüvvədən istifadə etmək məcburiyyətindədir. Mən daha danışmadım. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub uclarını ağzına təpərdi. Sərdar Əhrab məhəlləsinə getməli idi. Burada Eynüddövlənin heyəti ilə görüşəcəkdi. Mən dışarı çıxdıqda o məni dayandırdı. – Səbir edin. Bir yerdə gedək, – dedi. Dayandım. Sərdarı bir çox yerlərə gedəndə görmüşdüm. Lakin bugünkü gedişi tarixi və başqa bir gediş idi. Səttar xanı Əhrabda heyətlə görüşmək üçün aparmaqdan ötrü təntənəli bir alay düzəlmişdi. Bu gün Səttar xan faytona əyləşmişdi. Yanında yavərləri (yaxın və inandığı adamlar) oturmuşdu. Mən başqa bir faytonda idim. Səttar xan heyətin iclasına çox təxirlə getdi. Bu adət İran kübarları arasında ən işlənmiş və tanınmış adətlərdən biridir. Böyük adamlar daima məclisə təxirlə gedərlər, çünki onların fikrincə, məclisə tez getdikdə sonra gələnlərin ayağına qalxmaq lazım gəlir, bu isə kübar bir simanın nüfuzunu azaltmış olur. Səttar xanın gəlməsi xəbəri eşidildikdə heyətin iclasına toplaşanlar onu təntənəli bir surətdə qarşıladılar. İçəri girdikdə heyət üzvləri ayağa durdu. Səttar xan əyləşəndən sonra onlara müraciətlə: – Zəhmət çəkməyin, əyləşin, – dedi. Onlar əyləşdilər və Sərdarın kefini soruşdular. Sərdar isə təşəkkür etdi. Heyətdən Rəşidülmülk sözə başladı: – Cənab şahzadə Eynüddövlə sülh üçün gəldiyini və Azərbaycan əhalisinin rahatı yolunda çalışacağını sizə xəbər vermək üçün bizi sizin hüzurunuza göndərmişdir. Qibleyi-aləm Azərbaycan əhalisinə əfvi-ümumi vermək üçün cənab şahzadəyə xüsusi tapşırıqlar vermişdir. Məclisdə oturanlar Səttar xanın bu sözlərə verəcəyi cavabı səbirsizliklə gözləyirdi. Səttar xan sözə başladı: – Qibleyi-aləm bizim atamızdır. Biz ona qarşı üsyan etməmişik. Buna görə də cənab şahzadə birinci növbədə Təbrizi bu ağır vəziyyətə salan Rəhim xan və bu kimilərin cəzasına çatdırmalıdır. Bu cavab məclisdə oturanların təəccüblərinə səbəb oldu. Onların bir çoxusu bir-birinin qulağına gizli sözlər pıçıldamağa başladı. Zira burada Səttar xanın inqilabi simasızlığı özünü göstərmiş oldu. Camaat padşahın, doğrudan da, böyük ata olduğunu, üsyanın padşah üzərinə olmadığını zənn etdi. Bir çoxları da: «Belədir ha. Sərdar çox doğru söylədi. Padşahda nə taqsır vardır? Bu cür işləri düzəldən beşaltı lotu-potudur», – deyə Sərdarın sözlərini təsdiq etdilər. * * * Üç gündən bəri Sərdarın görüşünə getməmişdim. O məni adam göndərib çağırtdırdı. İncidiyimi bilirdi. O mənim hiddətimi soyutmaq istəyirdi. Biz ondan narazı qaldıqda etiraz etməzdik, çünki o, çox əsəbi idi. O bizim etirazımızı yalnız görüşünə getmədiyimiz vaxt bilirdi. O mənə müraciətlə: – Hərgah iş Məhəmmədəliyə (şaha) qalarsa, onunla düzəlişmək çox da çətin deyil. Lakin onu əhatə edənlər öz bildiklərini edir və heç kəsə də qulaq asmırlar. Burada başqa cavab vermədim. Əlimi atıb cibimdən Məhəmmədəli şahın Eynüddövləyə vurduğu teleqramı çıxardım. Teleqram Eynüddövləyə yetişmədən əvvəl rus konsulunun casusları tərəfindən konsulxanaya gətirilmişdi. Haman teleqramı konsula yetişmədən Mirzə Əlekbər xan mütərcimin masası üzərindən Nina götürüb mənə vermişdi. Teleqramda Məhəmmədəli şah Eynüddövləyə əmr edir ki, «Təbrizin daşını daş üstə qoymamalısan». Teleqramı Səttar xana verdim. Heç bir söz demədi. Çox fikirdən sonra başını tərpədib dedi: – Çox təşəkkür edirəm. Hər təşkilatımız belə işləsəydi, inqilab heç bir çətinlik çəkməzdi. * * * Eynüddövlə Sahib-divan bağında yerləşərək hər gün sülh heyətini göndərib boşboğazlıq edirdi. O bununla vaxt qazanıb Şatranlı və Tehran ordusunun tamamilə Təbriz ətrafında toplanmasını gözləyirdi. Bu məsələni Sərdara dəfələrlə dedik. Eynüddövlə hazırlığını bitirməmiş ona hücum etməyi və darmadağın etməyi lazım gördük. Səttar xan buna razı oldu. Bağır xan bu fikri təsdiq etdi. Məsələ şurada müzakirə edildikdə mollalar və mollatəbiətlilər buna razılıq vermədilər. – Təbriz müdafiə halındadır. Hücum edib müsəlmanları qırdırmaq cayiz deyildi! – dedilər. Hələ bir çoxları, hətta Səttar xanın özü də Eynüddövlənin hücum edib-etməyəcəyinə şübhələnirdilər. Bu şübhəni tezliklə rədd etdik. Şahzadə Eynüddövlə hazırlığını bitirdikdən sonra Təbrizi bombardman edib dağıdacağı və «əşrarı» təslimə almaq istəməsi haqqında rus konsuluna xəbərdarlıq vermişdi. Bu xəbərdarlığın bir üzü Peterburqa, bir üzü Tehrandakı rus səfirinə göndərilmiş, üçüncü surətini isə Nina konsulxanadan bizə gətirmişdi. Eynüddövlə xəbərdarlıqda belə deyirdi: «Millət, məmləkətin rahəti və beynəlmiləl qanunları mühafizə üçün şahənşah hökuməti Təbriz şərarətçilərini təsviyə etmək üçün məni Azərbaycana göndərmişdir. Bu gündən etibarən Azərbaycan hökumətini idarə etməyə başlayıram. Təbriz əşrarına rahat yaşamaq və silahı təslim etmək üçün dəfələrlə müraciət etdiksə də, fayda vermədi. Təbrizi qəti mühasirəyə almağı, silah gücünə təslim etdirməyi qərara aldım. Buna görə rus dövlətinin bütün təbəələri və dövləti-bəhiyyənin himayəsində onların mənəvi və maddi cəhətdən müdafiə olunacağını xəbər verirəm. Şəhər bombardman olunduğu vaxt Rusiya təbəələrinin Lilabad və Əhrab tərəflərinə çəkilmələri barəsində cənab general-konsul əlahiddə təşəbbüsdə olmalıdır. Şənbə. 21 şəhri-rəcabəlmürəccəb. Şahzadə Eynüddövlə» Bu müraciətnamədən bir gün sonra Eynüddövlə işə başladı. Böyük topları çəkmək üçün yerlər hazırlanması, hücum yerlərinin təyin olunması xəbərini Nina gətirdi. Əmrəxiz məhəlləsinin axırında böyük toplar yerləşdirilmişdi. Bu toplar Səttar xanın mərkəzini havaya sovurmaq üçün qoyulurdu. Hacı Mir Bağır Sərrafın bağının dalında, Hacı Kazım Nayibin hamamının qarşısında da böyük və yeni toplar yerləşdirmişdir. Hökumət qüvvələri inqilabı boğmaq üçün ciddi hazırlıq apardığı zaman, inqilabçılar buna heç də diqqət vermədən şəxsi işlər, şəxsi ədavətlərlə məşğul olurdular. Tam belə bir zamanda əncümənin Mərənd məbusu Hacı Cəlil mücahidlər tərəfindən öldürüldü. * * * Axşama az qalmışdı. Şəhər sakit idi. Heç bir tərəfdən silah səsləri eşidilmirdi. Sərdar da xəstə idi. Onun Hacı Cəlil məsələsindən əsəbləri xarab olmuşdu. O, inqilab sırasında gedənlərin şəxsi ədavət işlətdiklərindən razı deyildi. O bunun qarşısını ala bilmirdi, çünki vaxtında buna diqqət edilməmişdi. Mən Ninanı da hali-təbiisində görmədim. Onun ruhu çox düşgün idi. Yenə də baxışından fəna bir xəbər eşitdiyini oxumaq olurdu. O məni görən kimi divanın üstündə oturdu, mənə də – otur! – dedi. Oturdum. Məcid yaxşılaşmışdı. Gəlib oturdu. Nina sözə başladı: – Mən çoxdan bəri deməyə hazırladığım bir sözü bu gün deməyə məcburam. Mən əvvəlcə inqilabın içinə girməmişdim. Bütün daşıdığım vəzifələri sizə olan səmimi əlaqəm səbəbinə ifa edirdim. Çox keçmədi ki, mən özüm inqilabın ruhuna girdim, onda öz duyğum və vicdanımla vəzifə götürdüm. Bizim vəzifəmiz səngərdə vuruşmaqdan daha qorxuludur. Biz qorxulara nə üçün qatlaşırıq? – Əlbəttə, gələcəkdə inqilabın qələbəsi üçün. – Çox təəssüf edirəm ki, bu inqilabın qələbəsi yoxdur, çünki inqilab cərgəsində duranların doxsan faizi inqilabçı deyildir. Bu gün konsulxanada inqilabın başında duran və dəyərli simaları haqqında danışıb gülürdülər. Bir çox xırda mülkədarlar, alış-verişçilər, ruhanilər, hətta böyük sərvətdarlar belə inqilabın kölgəsində dolanır və öz mənfəətlərini bununla müdafiə edirlər. Sizdən soruşuram: – Ağa Rza gəncəlilər kimdir? – Onlar bizim mülkədardır. Torpaq üstündə başlanan üsyanın qəhrəmanı olan Haqverdinin qatilləridir. Bunlar Gər-gər və Baxşayiş kimi kəndləri yeyib, indi də Gər-gərin qonşusundakı Ələmdar kimi bir şəhəri qəsb etmək istəyirlər. – Bu cür qatilin adını da mücahidlərin sırasında oxuyub gülürdülər. Mən bilirəm ki, mücahidlər sırasında təmizlik aparılmadan heç bir qələbə əldə etmək olmaz. – Bu da mümkün deyildir, çünki o vaxt Səttar xanın başında çox az adam qalar. – Camaat avam, başdakılar elmsiz, tənbəl, xeyrini biləndir. Bununla siz haraya getmək istəyirsiniz? Mən bu sözləri dinləyib nə cavab verəcəyimi bilmirdim, çünki Nina mühiti lazımi qədər öyrənmişdi. O bizi çox gözəl tanıyırdı. Ona daha başqa cavab vermək olmazdı. Nina dediyi sözlərin eynini bu gün çıxan «Mücahid» qəzeti də yazmışdı. Qəzeti çıxardım. Ninaya tərcümə etməyə başladım. «Nəmişəvəd! Bəndə hər vəqti ki, cəhalət və ətaləti-mərdumra mibinəm, hər vəqti ki, laqeydi vəs kəsalətiyi-sərpərstanra mülahizə minumayəm, bilaixtiyar miguyəm ki nəmişəvəd». Nina bundan sonra daha tənqid etməyirdi. Yorğunluğu gözlərinin altında düşən qara halqadan bəlli olurdu. Doğrudan da, Ninanın öhdəsinə götürdüyü vəzifə həddindən artıq ağır idi. Onun mübarizə apardığı ünsürlər çox sadə və aciz adamlar deyildi. Bu gənc qız Babayev Fətulla xan kimi casusluq və xəfiyyəçilik məktəbi keçən, Mirzə Əlekbər xan kimi məşhur bir diplomatla baş-başa vurur və onların əlindən gizlin sirləri qapmağa çalışırdı. Nina bu günə qədər öz işində nə səhv etmiş, nə də tənbəllik göstərmişdi. Bütün sirləri ələ gətirmişdi. Çox danışılası sözlər vardı. Ninanın xəstəliyi uzun söhbətə müsaidə vermirdi. Buna görə də saat birdə qalxıb getmək istədim. Nina məni qapıya qədər yola salaraq: – Bəlkə də, mən sabah işə çıxmadım. Nahar yeməyinə evə gələrsiniz, – deyib qayıtdı. İki gündən bəri Tütünçüoğlunu görməmişdim. Onu evindən soruşmaq üçün yolumu Əhrab məhəlləsindən saldım. Qapılarını döydüm. Anası Nazlı xanım qapıya gəldi. Məni görüb oğlunu soruşdu: – Mən onu iki gündür görməmişəm! – dedikdə Nazı xanım ağlayaraq: – Sallax Süleyman onu aldadıb aparıb. Qorxuram başına bir iş gəlsin. Oğlumu səndən istəyirəm, – dedi. İndi onu kimdən xəbər almalıyam? Təbriz böyük, gecə saat ikinin yarısı. Burada kimi tapmaq olar? Qadına xatircəmlik verib qayıtdım. Mən Küçə-bağ tərəfə getməyə başladım. Sərhəngzadəyə rast gəldim. Tütünçüoğlunu soruşdum. O, Sallax Süleymanla gördüyünü, yaxın evlərin birində kef çəkdiklərini xəbər verdi. Sərhəngzadəni qaytarıb düz-doğru kef məclisi qurulan yerə getdik. Qaranlıq bir dalandan keçdik. Sərhəngzadə dar və alçaq bir qapının çaxçaxını vurdu. Yoğunbığ bir kişi qapıya gəldi. Sərhəngzadəni tanıdı. Tütünçüoğlunun burada olub-olmamasını soruşduqda: – Bəli buradadır. Başqa qonaqlar da vardır. Buyura bilərsiniz, – dedi. – Xeyr! – dedim, – işimiz vardı. Yalnız Tütünçüoğlunu aparmaq üçün gəlmişik. O, qayıdıb getdi. Sərhəngzadə bunun köhnə mütrib saxlayan Səməd dayı olduğunu xəbər verdi və burada hər cür əxlaqsızlığın baş verdiyini söylədi. Bir azdan sonra Tütünçüoğlu, Sallax Süleyman və başqaları qapıya gəldi. Onlar bizi içəri aparmaq üçün olmazın andlar verdilər. Biz içəri girmək istəmirdik. Girməməyi də qət etmişdik. Lakin Sallax Süleymanın: – Qorxmayın, sizin başınızdan bir tük əskik olmaz! – deməsi Sərhəngzadəni içəri girməyə məcbur etdi, çünki öz iyidliyinə məğrur olan Sərhəngzadə Sallax Süleymanın bu sözünü heç vaxt götürə bilməyəcəkdi. Mən həm Sərhəngzadəni, həm də Tütünçüoğlunu tək buraxıb qayıtmağı vicdanıma sığışdıra bilmədim, çünki bunların hər ikisi mənim inanılmış tanışlarım idi. İçəri girdik. Kiçik bir xiyabandan dolanıb yarımqaranlıq bir dəhlizə girdik. Səməd dayı pərdəni qaldırıb «buyurun!» dedikdən sonra içəri girdik. Kiçik bir otaq böyük lampalarla işıqlanmışdı. Otağın quruluşu buranın yalnız kef üçün düzəldiyini göstərirdi. Otaqda xalçadan, şərab şüşələrindən, piyalələrdən, mizlərdən, tardan, kamançadan başqa şey gözümə dəymədi. Otaqda bizdən başqa 6 nəfər müsəlləh adam vardı. Hər nəfərin də yanında üzüörtülü bir qadın əyləşmişdi. Biz içəri girdikdə hamı ayağa qalxdı. Birağızdan: – Səfa gətirmisiniz, gözümüz üstündə yeriniz vardır, – deyə yer göstərdilər. Mən hər ehtimala qarşı hazır olmaq üçün pəncərənin qabağında oturdum. Yanımda rus naqanı, iki dənə də kiçik əl bombası vardı. Bizə içki təklif etdilər. İçkiyə meylimiz olmadığını söylədik. Bunlar içirdilər. İçkiləri yalnız araqdan ibarət idi. Hər kəs piyaləni araqla doldurub yanındakı qadın aşnasına verirdi. Qadın isə üzündən ağ örtüyün ucunu qaldırıb piyaləni içir və geri qaytarırdı. Deyəsən, yemək şeyləri yox idi. Hamı içdikdən sonra şor qabaq toxumu çırtlayırdılar. Bizə çay gətirdilər. Aralıqda qızarmış odla dolu bir manqal da qoyulmuşdu. Qadınlardan birisi tiryək çəkirdi. Qadının özü hoqqanın ucunu rübəndin altında tutub sümürür, yanındakı kişi isə maşadakı odu hoqqanın deşiyinə yapışdırılmış tiryəkin üzərinə tutmuşdu. Bunların hamısı mücahid idi. Tüfənglərini oturduğum pəncərənin yanındakı bucağa söykəmişdilər. Sərxoşluq artırdı. Onlar özlərini ağır tutmağa çalışsalar da, sərxoşluq buna imkan vermirdi. Mən və Sərhəngzadə Tütünçüoğlunu qaldırmaq üçün bir neçə kərə işarə etdiksə də, mümkün olmadı. İçki davam edirdi. Bu halda dörd nəfər qadın içəri girdi. Qadınların biri oxuyan, ikisi tar-kamança çalan, dördüncüsü isə rəqqasə idi. Qabaqca çalıb-oxudular. Oxuyan qadını «Dilaram» deyə səsləyirdilər. Qadının bir azca çopuru vardı. Buna baxmayaraq, gənc və məlahətli idi. Qiyafəsi iranlı qiyafəsi deyildi. Tehranlı olduğunu söyləyirdilər. Hafiz Şirazinin qəzəllərini çox düzgün oxuduğundan savadlı olduğu aydın idi. Fars qızı idi. Azərbaycanca danışa bilmirdi. «Mən oxuyar», «mənim bilmirəm» kimi sözlərlə azərbaycancanın qol-qabırğasını qırıb danışırdı. Sonra rəqqasə də ortalığa düşüb oynadı. Qollarını çirkin bir tövrlə sallayaraq oynayırdı. Məhəmmədağa adlı bir gənc iki qadının arasında oturmuşdu. Məhəmmədağa çox kefli idi. Əlini atıb yanındakı qadının örtüyünü götürdükdə: – Vay sənin məzhəbini... Tutu sənsənmi? – deyə əlini xəncərinə atdı. Sallax Süleyman isə bunun xəncərini alıb özünü döydü. Tutunun Məhəmmədağanın qadını olduğu və Sallax Süleymanla kefə gəldiyi aydınlaşdı. Bir neçəsi durub Məhəmmədağaya kömək çıxmağa başladı. Mən burada böyük fəlakət törəyəcəyini, heç olmasa qadınlardan bir neçəsinin tələf olacağını yəqin etmişdim. Vuruşma qızışdı. Hamı yüyürüb bucaqdan tüfəng götürmək istədikdə ayağa durdum, bombanı çıxardım: – Əllərinizi yuxarı qaldırın! Yoxsa hamınız tələf olacaqsınız! – dedikdə hamısı yerində quruyub qaldı. Sərhəngzadə onların hamısını tərk-silah etdi. Silahları götürüb mənim mənzilimə yola düşdük. * * * Səhər saat 10-da İnqilab Şurasının iclası çağrılmışdı. Çoxdan bəri evinə qapanmış Hacı Mehdi ağa da iclasda iştirak edirdi. Yenə də taxıl və mücahidlər sırasında təmizlik aparmaq məsələsi müzakirə olunurdu. Mən gecə gördüyüm rüsvayçılıqdan, mücahidlərin sərxoşluq və əxlaqsızlıq etməsindən söz açıb təmizlik aparmaq haqqında danışdım. Hacı Mehdi ağa danışdı. Səttar xanın danışdıqları yenə də həmişəki sözlərdən ibarət idi. «Biz təmizlik apara bilmərik. Pis vaxtdır. Biz əllaf deyilik. Buğda ticarəti ilə məşğul olmağa vaxtımız yoxdur. Hər kəsin taxılı varsa satacaqdır. Ölüsünün goruna tökməyəcəkdir ki» – deyə əvvəlki sözlərini təkrar edirdi. * * * Təbriz üzərinə hücum Nina faytonda gedirdi. Onu konsulun nökərlərindən biri yola salırdı. Bu vəziyyət, yaxında bir təhlükənin meydana çıxacağını göstərirdi. Mən tələsik Ninanın yanına getdim. Evinə girdikdə, o, hələ paltosunu çıxarmamışdı. Onun həyəcan və iztirabı köksünün döyünməsindən və tövşüməsindən bəlli olurdu. Məni görən kimi: – Bu gün işi bitirəcəklər. Rus himayəsində olanlar Eynüddövlənin istiqbalına hazırlanırlar. Ziyafətdə iştirak edənlərin siyahıları da tutulmuşdur. Bir azdan sonra ümumi hücum başlanacaqdır, – dedi. Biz bu söhbətdən sonra ayrıldıq. Nina Mirzə Əlekbər xanın evinə, mən isə İnqilabi Şuraya getdim. Saat 12-də yaylım atəşi açıldı. Bağır xan Səttar xanı istəyirdi. Bağır xan ümumi hücum başlandığını xəbər verib bombaçıların göndərilməsini rica etdi. Səttar xan atlandı. Bombaçılar da 20 dəqiqə əvvəl cəbhəyə getmişdilər. Biz də getdik. Müharibə Xiyaban məhəlləsindən başlayıb Əmraxiz məhəlləsinə qədər 7 kilometrlik bir məsafədə gedirdi. Bir-birinin qarşısında qurulmuş bütün səngərlərdən atəş açılırdı. Düşmən bütün gücünü Bağır xan qüvvələrinin yerləşdiyi Xiyaban cəbhəsinə toplamışdı. Gün batanda Eynüddövlənin Şatranlı atlıları şiddətli hücuma keçdi. Eynüddövlənin topları Xiyabanın hər tərəfini döyməyə başlamışdı. Bağır xanın topları da cavab verirdi. Şatranlı atlıları dar keçidlərdə qurulmuş səngərləri ala bilmədilər, 25 nəfər tələfat, bir çox yaralı verdikdən sonra çəkilməyə məcbur oldular. Xiyaban müharibəsi davam etdiyi zaman, İstanbul darvazası tərəfindən ağır top atışmaları eşidilirdi. Əmraxiz mühitini qalın barıt tüstüsü bürümüşdü. Mən ancaq bu gün Səttar xanın möhkəm, şaşırmaz və arslan ürəkli bir zat olduğunu gördüm. Səttar xan atlı olaraq 7 kilometr məsafədə düşən harbi cəbhəni bir kərə deyil, dəfələrlə gözdən keçirir, əmrlər verirdi. Biz hələ Xiyaban cəbhəsində məşğul ikən İstanbul darvazası cəbhəsində Eynüddövlə ordusunun az bir tələfatdan sonra çəkilməyə məcbur olduğu xəbərini gətirdilər. * * * Bu gün Ninanı vədə verilmiş vaxtda görə bilmədim. Barmağım yaralanmışdı. Onu bağlatdırınca axşam saat beş olmuşdu. Yaralananlar xəstəxanaya, ölülər isə yaxındakı məscidlərə toplanırdı. Saat beşdə Ninanın evinə getdim. Nina məni görərkən «nə var, nə yox?» – deyə sözə başladı. – Eynüddövlədən xəbərin oldumu? – Təzə xəbərmi var? – Eynüddövlə bugünkü müharibədən sonra Sahib-divan bağında oturmağın təhlükəli olduğunu görüb Nemətabada çəkildiyini general konsula xəbər verdi. – Yalnız bumu? – Eynüddövlə öz göndərdiyi xəbərində belə deyir: «Təbriz ətrafında duran hökumət ordusu çürük bir qüvvədir. Bu cür bir qüvvə ilə Təbrizi götürməyin mümkün olmadığı mənə məlum oldu. Şahsevən, Maku, Xoy, Qaradağ, Tehran, Bəxtiyari, Devran, Keygavənd, Xəmsə, Sərab qoşunları gəlib çıxdıqdan sonra hökumət ordusunun miqdarı 40 minə varacaqdır. Hazırda Təbriz içərisində olan müsəlləh qüvvələr, hökumət ordusundan miqdarca bir neçə kərə artıqdır. Bunlara mövqelərinin möhkəmliyi də yardım edir. Xüsusən inqilabçıların əlində fişəng və bomba qayıran maşınlar olduğu üçün hücum edən qüvvələrə çox tələfat verirlər». Nina bunları danışırkən onun inqilaba nə qədər dərin bir rəğbət bəslədiyini görüb mən çox sevinir və bu qəhrəman qıza fəxrlə baxırdım. Nina danışdıqca onun keçmişi gözümün qarşısında canlanırdı. Yanımda iki Nina görürdüm. Bunun biri siyasət bilməyən, qəzet oxumayan Nina, ikincisi isə bütün varlığını inqilaba və əzilmiş kütlələrin səadəti yolunda mübarizəyə qurban verməyə hazır olan Nina idi. Mən onu daha da şadlandırmaq və əmin emək üçün inqilab qüvvələrinin yerləşdiyi mövqelər haqqında məlumat verməyə başladım. – Eynüddövlənin Əmiraxiz üzərində hücumunu qırmaq və bütün hücum dairəsini atəşə tutmaq üçün Hacı Mir Bağır bağının yanlarında yeni sistemli ağır toplar yerləşdirilmişdir. Bunlardan çox qabaqda yeri heç vəchlə düşmənə məlum olmayan iki uzaqvuran top qurulmuşdur. Bağır xan cəbhəsini təmin etməkdən ötrü Göy məscid və Maralanda da yeni toplar qoyulmuşdur. Ərk tabyələrində, Ərkin damında hücuma fürsət verməyəcək qədər ağır və yüngül toplar yerləşdirilmişdir. Vəziyyətin ağırlığını nəzərə alan Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri axın-axın gəlməkdədir. Bakı işçiləri inqilaba rəhbərlik etmək işinə çox yardım göstərirlər. Topları müharibə görmüş qafqazlılar idarə edirlər. Bomba, patron cəhətindən heç də korluq çəkilmir. – Əcəba, Səttar xan Qafqazdan gələnlərin rəhbərliyinə razı olurmu? – Razı olur, yaxşı əlaqə də saxlayır. Fəqət buna lazımınca əhəmiyyət verilmir. Bu da işlərin plan üzrə getməsinə mane olur. Səttar xan sosial-demokratların nə dediyini və buraya nə məqsədlə gəldiklərini indiyədək o qədər də anlaya bilməmişdir. – Bağır xan necədir? – O, nəinki Qafqazdan gələnlərə, hətta Əmiraxizdən gələnlərə, Səttar xanın özünə də əhəmiyyət vermir. O, yerli qafqazlılarla əlaqədədir. Biz bu adamların vasitəsilə ona yardım edirik. Bu nöqsanları nəzərə almayacaq olsaq, Bağır xanda çox böyük bir mətanət vardır. O, heç bir qorxu hiss etməyən adamlardandır. Bağır xan çətinlik artdıqca əzm və mətanətini artıran, ölümə vəhşicəsinə gedən, qurşunlara qarşı ağzını açıb irəliyə doğru bağıran bir adamdır. Bunda inqilabın ən qiymətli bir xüsusiyyəti vardır ki, o da kəskin iradəyə və yenilməz mətanətə malik olmasıdır. Gecə qaranlıqlaşırdı. Bir güllə səsi belə eşidilmirdi. Təbrizin kərpic damları yenə qalın dumanların qoynuna girib uyumuşdu. Bu heç də qurşun səslərindən arı yuvasına bənzəyən Təbrizə bənzəmirdi. Lakin Nina bu gecəni heç də uyumaq istəmirdi. Onda dərin bir ruh yüksəkliyi var idi. Bala Məcidimiz də hələ yatmamışdı. Mürəbbiyəsi Səltənət bəyim ona nağıl söyləyirdi. «Min bir gecə» dastanının qucağında doğulan Şərqin bu çocuğu da hekayəni dinləyir, kirpikləri saatın milləri kimi hiss edilmədən biri digəri üzərinə düşməyə başlayırdı. Divardan asılı saatın milləri bir-birinin üzərində durduğu və saat 12-ni vurduğu zaman Məcidimiz də qara kirpiklərini bir-birinin üstünə töküb Səltənət bəyimin qucağında uyumuşdu. Səltənət bəyim birinci İran pionerini yatağına aparırkən biz də Nina ilə uşağın gələcəyini düşünür və onu təmin etmək üçün planlar çəkirdik. Nina birdən-birə: – Aparacağam, – dedi. – O mənim oğlumdur. – Nina bu sözdən sonra yenə fikrə getdi. – Lakin bilmirəm, axırımız necə olacaqdır? – deyə başını çiynimə söykədi. – Qorxma, getdiyimiz yol əyri yol deyil, çox şərəfli yoldur. Bizə də bu lazımdır. O, daha dinmədi. Lakin bir azdan sonra haman sözünü bir daha təkrar etdi. Şübhəsiz ki, o bizim aramızdakı həqiqi əlaqənin sonunu bilmək istəyirdi. Lakin gənc və namuslu qız bunu aydın deməyə həm utanır, həm də cəsarət etmirdi. Zatən onda hər bir qadına məxsus olan soruşmaq, bir şeyi nə olursa-olsun öyrənmək, hətta kişidəki gizlin sirləri almağa çalışmaq kimi xasiyyətlər yox idi. Çox qəribə burasıdır ki, Nina mənim kim və haralı olduğumu da bilmirdi. Doğru adım, familiyam belə ona məlum deyildi. O soruşmayırdı. O, başqa qadınlar kimi kişilərdən gündəlik raport istəməyi sevmirdi. Mən isə gənc qızın gündəlik həyatını xoş keçirmək üçün imkan tapmırdım. Bunun üçün də mənə hər cəhətcə sıx əlaqə bağlamış gənc Nina nə edəcəyini bilmirdi. Onu bir çoxları sevirdi. Sevənlər isə ona hər bir imkan yarada biləcək adamlar idi. Onun ayaqları altına ipək xalçalar döşəyənlər, əlindən yerə buraxdığı dəyərsiz kağızları öpüb qoynunda yadigar saxlayan kişilər də var idi. Nina bunları nəinki rədd edir, hətta onları bir daha sevgi sözlərini təkrar etməmələri üçün təhqir edirdi. Buna görə də bizim müəyyən olmayan həyatımız onu darıxmağa və düşünməyə məcbur edirdi. Otağın içində dolaşırdı. Arabir şkafdan bir şey götürərək, masanın üzərinə qoyub yenə aparırdı. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bir-birini təqib edirdi. Axırda gəlib mənim yanımda oturdu. – Məni heç bir şey yormaz. Lakin çox düşünmək məni yorur, – dedi. Yenə də düşünməyə başladı. Ruh yüksəkliyinə malik olan bu qızın birdən-birə dəyişməsi məni heyrətə saldı: – Nəyi düşünürsünüz? Sizin üçün hər şey mümkündür. – Mənim üçün heç bir şey mümkün deyildir. Mənə mümkün olanlar hər kəsə mümkündür. Hər şey var, lakin heç bir şey də yoxdur. – Nə səbəbə yoxdur?! – Onun səbəbini məndə yox, özünüzdə aramalısınız! Nina yenə də açıq danışmağa utanırdı. Çöhrəsi tez-tez dəyişir və o dəyişmələrin hər biri onun ürəyində yeni bir fikir doğduğunu hiss etdirirdi. Güzgüyə baxmış olsaydım, şübhəsiz, öz çöhrəmdə də o vəziyyəti görəcəkdim. Mən də düşünür, öz-özümə sual verirdim: «Bu gözəl qız kimdir? Bu nə üçün və nə səbəblərlə mənimlə bu qədər sıx əlaqə yaratdı?! Bu zəngin və meşşan bir ailədənmidir? Bunun inqilaba olan bu sıx əlaqəsi bir sevginin nəticəsindəndirmi? Qız məni sevir, sevdiyi üçün də mən gedən yolu davam etdirməkmi istəyir? Mən buna nə üçün öz qarşılıqlı sevgimi bildirdim! Qızı nə üçün gələcək səadətindən məhrum edirəm? Bəlkə də, qız bir nəfərlə ailə düzəldəcək və səadətli günlər görəcəkdir». Bunları düşünərkən masa üzərində durmuş kiçik albomu götürüb vərəqləyirdim. Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı foto şəklini gözdən keçirdim. Müxtəlif vəziyyətlərdə aldırdığı şəkillərə də baxdım. Ona yadigar verilmiş mütəəllimə fotoları da, «qiymətli yoldaşımıza yadigar» yazıları ilə gözümə dəyirdi. Albom yarı olmuşdu. Albomda qoca, olduqca zəif, nəhayət dərəcədə fəqir paltarda olan bir işçi fotosu da gördüm. Bu şəkil mənim diqqətimi cəlb etdi. Nina çayı gətirib yanıma qoyduqda, gözü alboma sataşdı: – O fəqir mənim atamdır. Bu üstü-başı tökülmüş işçi bizim bəxtsiz ailənin başçısı idi. Bizim ailəmiz heç vaxt xoş gün görməmişdir. Mən özüm də görməyəcəyəm. Məni də düşündürən budur, – deyərək, məyus gözləri ilə baxırdı. Nina bunu deməklə, bütün keçmişin məlun dəqiqələrini sanki bir saniyədə xəyalından keçirdi. Qızardı, titrədi. Mən isə sevinirdim. Bu şadlıqdan ürəyim döyünərkən səsini belə eşidirdim. Mənim dostum, mənim inqilab yaldaşım olan Nina öz sinfi simasını aydıncasına göstərdi. Nina durdu, şkafdan kiçik bir çamadan çıxardı. Oradan atasının, anasının, bibilərinin, öz çocuqluğunun cürbəcür fotolarını göstərdi və izahat verdi. Nina bunlardan sonra öz həyatından çox qəmgin lövhələr söyləməyə başladı: – Atam toxucu fabriki işçilərindən idi. Riqa toxucu fabriklərində düzələn tətillərin hamısında təşkilatçı vəzifəsini aparırdı. O, ilin çox vaxtını xəstə yatırdı. Vərəm xəstəliyi vardı. Həyatımız çox ağır keçirdi. Təzə paltar geydiyimiz, yağlı və isti xörək yediyimiz çox az olurdu. Fabrik direktorları atamı görmək istəməzdi, çünki həmişə işçilərin tələblərini fabrik müdirlərinə atam təqdim edər və inad göstərərdi. O, tez-tez işdən qovulur və həbsə alınırdı. Atamın bacıları çox gözəl idi. Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışdı. Kiçik bibimi sud pristavı, böyük bibimi isə paroxod kapitanı almışdı. – Sizə yardım edirdilərmi? – Kapitanın övladı olmayırdı. O, biz iki bacını aclıqdan qurtarmaq üçün övladlığa qəbul etmişdi. Buna atam rəhmətlik razı deyildi. Anam isə «uşaqları acından öldürə bilmərəm» – deyə atamı buna məcbur etmişdi. Kiçik bibimin əri bizi yaxınına qoymazdı. Onun atamı görməyə gözü yoxdu. O, bibimi də qardaşına yaxın gəlməyə qoymazdı. Bir neçə kərə bunun üstündə bibimi boşamaq belə istəmişdi. O, həmişə öz tanışlarına rast gələndə – uşaqlarım olmasaydı, bu cür rəzil və xain adamın bacısını bir dəqiqə də olsa, evimdə saxlamazdım, – deyirdi. Kapitan belə deyildi. O bizi sevirdi, hərdən atama acığı tutanda: «Bu cür işlərdən çəkin, faydası yoxdur». Kapitan musiqini çox sevərdi. Onun üçün də bizi musiqi məktəbinə vermişdi. Məktəbi gözəl bitirdik, ictimai vəziyyətimiz nəzərə alınmasaydı, hər ikimizə qızıl medal veriləcək idi. Bizim məktəb bitirməyimiz 5-ci il inqilabının dəhşətli günlərinə təsadüf etdi. Atam bu inqilabda çox yaxından iştirak edirdi. İnqilab məğlub olduqdan sonra atamı həbsə aldılar. Ölüb-qaldığından xəbərimiz olmadı. bunun üçün də inqilabdan gözüm çox qorxmuşdu. İnqilaba qoşulan adamlara çox yazığım gələrdi. Atamın nə çəkdiyini görmüşdük. Bunun üçün kapitan daima bizə tapşırıb deyərdi: – Atanızın taleyindən ibrət alın! O bizi qəzet oxumağa qoymazdı. Biz yalnız musiqiyə aid əsərlər oxuyurduq. Ara-sıra romanlarla da məşğul olduğumuz vardı. Mən hərdənbir kapitanın kitablarını arayıb içindən quldurluğa, qəhrəmanlığa, vurub-yıxmağa, casusluğa aid kitabları tapıb oxuyurdum. Kapitanın özü də bu kimi kitabları sevirdi. O, daima səfərə çıxanda özü ilə bərabər belə kitablardan çamadan dolusu aparırdı. – Kapitan hazırda sağdırmı? – Yox sağ deyil. Atam qeyb olduqdan sonra kapitan da Dansik limanında balıqdan zəhərlənib öldü. Biz işləyib onun qadınını da saxlaya bilərdik. Lakin bizə iş vermirdilər. Dərs götürmək üçün bir çox yerlərdə anket doldururduq. Atamızı hökumət xaini adlandırıb, anketlərimizi geri qaytarırdılar. Yaşamaq heç də mümkün deyildi. Bibim ərinin ölməsi münasibətilə özünə veriləcək təqaüdü belə almaq mümkün olmadı. Onu da bizim bədbəxtliyimiz basmışdı. «Xain familiya»ya mənsub olduğu üçün təqaüd verməkdən boyun qaçırdılar. Anam günəmuzd dəmiryol stansiyasında vaqonlardan daş kömür boşaldırdı. Aldığı maaşla dolanmaq mümkün deyildi. Əynimiz-başımız tökülmüşdü. Dilənçi halında idik. Kiçik bibimin ərinə (sud pristavına) iş üçün, yardım üçün müraciət etdik. O bizi qovdu. «Qulluğuma, vəzifəmə zərəriniz toxunar. Mənə yaxın gəlməyin», – deyə bizi rədd etdi və məhv olmuş atamı da çox fəna sözlərlə xatırladı. – Evlərdə dərs götürmək mümkün deyildimi? – Dərs vermirdilər. Üst-başımıza baxıb ev sahibləri bizi qapıdan qaytarırdı. Nəhayət, paltar yumağa, uşaq dolandırmağa, başqa ev işləri görməyə razı olduq. Bir neçə aristokrat evlərinə işə girdik. Bu da uzun zaman davam etmədi. – Nə üçün? – Bəzən gözəlliyin özü də qadının bədbəxtliyinə səbəb olur. Bizi ev sahibləri və aristokrat qadınları öz ərlərinə qısqanmağa başladılar, bir həftə işləmədən bayıra atdılar. Çox tez-tez xidməti dəyişirdik. Lakin həmin səbəblə də bayıra atılırdıq. Hətta bəzi ailələrdə oğul ila ata arasında rəqabət başlanırdı. Bizə sevgi elan etdiklərindən evin başçısı olan qadın bu bəladan qurtulmaq üçün bizi evdən qovurdu. Xeyli vaxtdan sonra kiçik bibimin əri bizi xəlvətcə evinə çağırdı. Bir qəzeti əlində tutub dedi: – Təbriz rus konsulxanasında, konsulun uşaqlarına dərs vermək üçün iki nəfər musiqi müəlliməsi lazımdır. İran uzaq bir məmləkət olduğu və mədəni olmadığı üçün oraya gedən yoxdur, çünki xalqı çox vəhşidir. Əgər gedən olsaydı, bu elanı təkrar verməzdilər. Gedə bilərsinizsə, sabah gəlin, mən düzəldə bilərəm. Mən razı deyildim. Qorxurdum. İraida məni məcbur etdi, biz haman yerə getdik. Bizə iki yüz manat pul verdilər. Köhnə paltar satılan bazara gedib əynimizə münasib paltarlar aldıq. Anamın və bibimin yanında da xərclik qoyduq. Bir az para ilə yola düşdük. Riqadan İran hüduduna qədər paramız tamamilə bitmişdi. Hətta fayton və avtomobil parası belə qalmamışdı. Tamamilə çarəsiz bir halda idik. Sizə rast gəldikdə özümüzü itirmişdik. Biz Riqadan çıxandan bəri İranı cürbəcür şəkillərdə xəyalımıza gətirirdik. Meşələr, dağlar, quldurlarla dolu olan mağaralar, insanı tutub aparan vəhşi və ibtidai insanlar nəzərimizə gəlirdi. Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum. Mən heç vaxt inqilaba qoşulacağımı düşünməzdim. Fəqət sinfi duyğum məni atam gedən yola çağırdı. Bunun bir səbəbi də sənsən. – Nə kimi səbəb ola bilər? – Qadın nə olursa-olsun sevgi onun bütün düşüncələrinə hakimdir. Hələ indiyə qədər bu hakimiyyəti poza biləcək bir qadının olacağına şübhə edirəm. Mən bu hakimiyyəti birinci gündən pozmağa çalışdım. Mümkün olmadı. Sən öz inqilabi simanla da məni özünə bağladın. Lakin sən... Nina sözünün axırını demək istəmədi. O, yəqin ki, «Lakin sən məni, mənim kimi sevməyirsən» demək istəyirdi. Utandı, sözünü bitirə bilmədi. Nina məni birinci dəfə «sən» deyə səsləyirdi. Mənim onu sevdiyimi bilməmiş deyildi. Kim bilir, bəlkə, o məni daha artıq sevirdi. Hər nə olursa-olsun bugünkü Nina dünənki simasız və müəmmalı Nina deyildi. Nina hər halda öz sinfi düşmənini arayacaq və sinfinin getdiyi yol ilə gedəcək idi. Söhbətimiz çox uzanmışdı. Xoruzlar banlarkən «Səltənət bacı, gəl qapını bağla» – deyə Ninadan ayrıldım. * * * Qarətlər Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq. Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi. Həm Səttar xan, həm də Bağır xan buna razı oldu. Bütün qüvvələr gözdən keçirilirdi. Bu qüvvələr hücuma hazır bir vəziyyətdə idi. * * * Şəban ayının beşində, çərşənbə günü axşama yaxın hökumət ordusu səngərlərindən atışma başlanmışdı. Bu atışmalar hökumət ordusunun hücum üçün zəmin hazırladığını göstərirdi. Atışma səhər işıqlanıncaya qədər davam etdi. Səhərə kimi ayaq üstündə idik. Hər kəs nə edəcəyini bilirdi. Bomba atanlar öz yerlərini tutmuşdular. Hava işıqlanmağa başladıqda bir alay atlı, bir alay da piyada Xiyaban məhəlləsinin başından hücum edib Bağır xanın mərkəzinə doğru yüyürməyə başladı. Eyni zamanda bir alay piyada da Pürsəng və Mirzə Sadıq dalanı tərəfindən içəri soxulmaqda idi. Bu vuruşmalar Təbriz inqilabı həyatında birinci dəfə idi. Döyüş səhərdən saat 12-yə qədər davam etdi. Saat 11-də inqilabçılar hücuma keçdi. Əl bombaları müxtəlif qiyafəli və müxtəlif danışıqlı hökumət əsgərlərini sovurmağa başlamışdı. Hökumət qoşunları bir-birini yıxıb üzərindən atılıb qaçırdı. Qaçanlar da, qalanlar da Məhəmmədəli şahı söyür və pis-pis sözlərlə xatırlayırdılar. Bir qədər vuruşduqdan sonra inqilabçılar sərbazxana, mağazalar, topxana meydanı və alaqapıya qədər irəlilədilər. O biri tərəfdən Şeşgilan məhəlləsinin alınması da İnqilabi Şurada böyük şadlığa səbəb oldu. Mən haramxana tərəfindən hücum edən dəstələrin içərisində idim. Bu dəstə əl bombalarının yardımı nəticəsində Müctəhid küçəsinə girməyə müvəffəq oldu. Burada Hacı Mirzə ağa imamcümənin və onun qardaşı Ağa Mirzə Əlinin evini böyük atlı və piyada dəstələri mühafizə edirdi. Burada böyük bədbəxtlik üz verdi. Tam bir qələbə ərəfəsində duran inqilabçı dəstələr qarətlə məşğul oldular. Hamının başı qarətə qarışdı. Qabağını ala bilmədik. Böyük qalmaqal düşəcəyindən qorxduq. Düşmən geriyə qayıtdı. Bir çoxları tutuldu, öldü, qaçdı, mühasirədə qaldı. Bizim də bir çox yoldaşlarımız yaralandı. Düşməndən də 65 nəfər ölən vardı. Mən əlimdə bomba olduğu halda durub qarətçilərə baxırdım. Evlərdən çıxan şeyləri görməklə maraqlanırdım. Yanımda duranların dediyinə görə, vaxtilə belə bir qarət Nizamülüləmanın evində də olmuşdu. Müctəhidin evindən qəribə şeylər çıxarırdılar. Bu qarətə küçə camaatı, xüsusən qadınlar da qoşulmuşdu. Böyük bir xalçanı dörd adam tutmuşdu. Bunlar xalçanın üstündə dalaşırdılar. Nəhayət, birisi o birilərini xəncərlə yaralayıb xalçanı apardı. Yaralılar yenə də içəriyə qayıtdı. Əlinə bir şey düşən tez gedir, lazımı yerinə qoyur, yenə qayıdırdı. Uşaq beşiyi də aparan vardı. Uşağı beşikdən evdə açmaq mümkün olmadığından uşaqla bərabər çıxarmışdılar. Qapıda uşağı açıb yerə saldılar, beşiyi apardılar. 12–13 yaşında uşaqlar belə yastıq, balış daşıyırdılar. Yağ, bal, qovurma küpələrini barmaqlayıb yeyə-yeyə bayıra çıxarırdılar. İçəridən çox böyük gurultu gəlirdi. Ara-sıra tapança da açılırdı. Bu gurultu qiymətli şeylərin üstündə qalxırdı. Bahalı şeyləri hər kəs bir-birindən qapmaq istəyirdi. Evdən şey çıxaranların bir çoxunun ağzı, burnu əzilmiş və gözlərinin altı göyərmişdi. Bir çoxları da boş çıxırdı. Bunlar, qiymətli paltarları əyinlərinə geyib bayıra çıxanlardı, çünki bir çoxları içəri girməyib yalnız qapını kəsdirmişdi. Aciz adamların götürdükləri şeyi əllərindən alıb mənimsəyirdilər. İçəridən tar, kamança, dəf və sair musiqi alətləri çıxaranlara da təsadüf olunurdu. Birdən-birə qapıda bir qiyamət qopdu. Birinin arxasından yeşiyi vurub yerə saldılar. Yeşiyi sındırıb içindəki konyak şüşələrini ciblərinə soxmağa başladılar. İçəridən üzü ağ örtüklü bir qadınla bir kişi vuruşa-vuruşa bayıra çıxdı. Bu vuruşmanın nə üstündə getdiyi məlum deyildi. Qadın örtülü də olsa, kişinin vurduğu yumruqların cavabını verirdi. Axırda qadın kişinin əl çəkmədiyini görüb üzündəki örtüyü və başındakı çarşabı atdı. Kişini o ki, lazımdır döydü və özündən əl çəkməyə məcbur etdi. Qadının belində böyük bir tirmə şal vardı. Qadın içəridə bu tirməni belinə sarıyıb çıxdıqda bu kişi onun əlindən almaq istəyirmiş. Qadın üzü çil, burnu yekə, boynu qısıq, özü də kök və yumruca bir qadın idi. Bunun qəribə sifətlərindən birisi də bir əlinin xınalı, digər əlinin isə xınasız olması idi. Qiymətli şeylər daşınıb qurtardı. Artıq içəridən dəyərsiz şeylər çıxırdı. Bizim qarşımızda bir nəfər gənc durmuşdu, qarətdə iştirak etmirdi. O, daima qarətçiləri təşviq edib deyirdi: – Dağıdın bu həyasızın yuvasını! Mən bunun kim olduğunu soruşdum. «Kəlləpəzoğludur!» dedilər. Onu yanıma çağırdım. Bu təşviqin səbəbini soruşdum. O mənə belə cavab verdi: – Sağlıq olsa, görüşərik və bu işin səbəbini sizə deyərəm. Hələlik bu haramzadanın qardaşı Ağa Mirzəlinin də evini dağıtdırmaq lazımdır, – deyib getdi. Hələ qarət davam edirdi. Düşmən birdən-birə hücuma keçdi. Biz əlimizdə qalmış son bomba ilə özümüzü qurtardıq. İstanbul darvazası tərəfində də şiddətli müharibə gedirdi. Buradan biri digərinin dalınca şad xəbərlər gəlirdi. İnqilabçı dəstələrin irəli getdiyini və mühüm yerlərin əldə edildiyini eşidirdik. Qorxu və təşvişə səbəb olan bir cəhət varsa, o da dəstələrin qarətlə məşğul olması qorxusu idi. Burada Hacı Mir Bağır sərrafın evini qarət etdikdə əks-inqilab dəstələri hücuma keçib inqilabçıları geri çəkilməyə məcbur etmişdi. Sabahı küçələrdə belə bir elan buraxılmışdı: «KİM QARƏTLƏ MƏŞĞUL OLSA, HƏMİN YERDƏ EDAM EDİLƏCƏKDİR» * * * İnqilab qüvvələrinin başıpozuqluğuna baxmayaraq, Eynüddövlə ordusu heç bir iş görə bilmirdi. Qafqaz sosial-demokratlarının işə ciddi diqqət verməsi, bombaların qorxusu Eynüddövlənin general-konsula müraciət etməsinə səbəb olmuşdu. Müraciətnamədə Rusiyadan gələnlərin işə müdaxilə etməsi, Təbriz üsyançılarına yardım verməsi işinin şahənşah hökumətinə qarşı bir xəyanət olduğunu xatırlatmışdı. Buna görə də qafqazlıları siyahıya almaq və gələnlər haqqında ciddi tədbirlər görmək üçün konsulxanada plan hazırlanırdı. Nina bu xəbəri söylədikdən sonra birinci kərə olaraq məndən soruşdu: – Bir neçə kərə soruşmaq istəmişəm, amma yenə də unutmuşam. Sən də qafqazlımısan? Mən zarafata başladım: – Hələ vətənim bəlli deyildir. – Nə üçün? – Çünki hələ evlənməmişəm! Nina üzümə təəccüblə baxdı: – Bu nə deməkdir? – Türkün məsəlini eşitmədinizmi? – Söylə eşidim. – Türklər deyirlər ki, qadının haralı isə sən də oralısan. Mən isə hələ evlənməmişəm. O güldü. Lakin bir az sonra ciddi bir tövrlə: – Mən sizin haralı olmanızla çox maraqlanırdım, – dedi. – Çünki qafqazlıları tutmaq istəyirlər. Bloknotunu çıxarıb bir neçə qafqazlı adı oxudu. – Məşədi Hacı Qafqazlı, Ağa Əli Qarabağlı, Həsən Ağa, Məşədi Həsən, Məhəmməd Əli Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla Qafqazlı. Hələ bir çoxlarını yazmaq mümkün olmadı. Qorxuram ki, sənin də adın bunların içərisində olsun. – Burada mənim adım yoxdur. Olsa da, biz qorxmuruq. Konsul bizi tuta bilməz, hələ o vaxt yetişməmişdir. Saydığın adamlardan bir neçəsini çıxandan sonra hamısı burada oturan qafqazlılardır. – Onlar Bakıdan gələn firqə üzvlərini axtarırlar. Sən bunlarla tanışsanmı? – Özlərini görməmişəm. Lakin onların haqqında çox sözlər eşitmişəm. Onların çox maraqlı adamlar olduğunu söyləyirlər. İnqilab hərəkatının içində böyümüşlər. İnqilab hərəkatı harada olsa, onlar yardıma gedən adamlardır. Yorulmaz, ağırlıqdan qaçmaz adamlardır. Bunlar torpağın mülkədarlar əlindən alınıb kəndlilərə verilməsinə kömək edirlər. Burada da bunun üçün çalışırlar. Onlar hər yerdə padşahlıq üsulunun yıxılmasına çalışıb, yenə də çalışırlar. – Bunları görmək nə qədər maraqlıdır! – Təəssüflər olsun ki, mən də Bakıdan gələnləri görməmişəm. Onlar heç kəsə və heç vaxt sirr verməzlər. Onlar tanımadıqları və illər uzunu yoxlamadıqları bir adama sirr verməzlər. – Mən də sənin bu fikrini təsdiq edirəm. İtkin düşmüş atam da çox möhkəm firqəçi idi. Evdə onun dilindən heç bir şey eşitməmişdik. – Onlar adama çox gec inanırlar. Onları aldatmaq da çox çətindir, boyunlarına götürdükləri vəzifəni yerinə yetirməkdən ölsələr də, boyun qaçırmazlar. – Bunun üçün də Səttar xan bütün qorxulu səngərləri Bakı və Gürcüstan firqəçilərinə tapşırmışdır. – Sən bunu haradan eşitdin? – Eynüddövlə bunu təfsilən yazıb konsulxanaya bildirmişdir. Nina durub sobanı açdı. Oradan tələsik üzü çıxarılmış bir cədvəl çıxarıb oxumağa başladı: «Nöbər səngərlərində Həsənağa, Xiyaban səngərlərində Məşədi Hacı və Həsən, İnqilab Şurası və bazarın müdafiəsində Məhəmməd Əli Qafqazlı, bütün cəbhələrin kontrolunda Əli Müsyö, Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla və sair qafqazlılar. Bütün bu materialları Ninadan alıb götürdüm. Qızın fikrini başqa tərəfə çevirmək üçün bu materialların nə kimi vasitələrlə ələ gətirildiyini xəbər aldım. Nina söylədi. Bir çox hiylələr işlətməyə məcbur olurmuş. Ninanın nə qədər möhkəm bir qız olduğuna bir daha inandım. Konsulxanada çalışan kişiləri aldadırmış. – Doğrudan da, mən bu materialları nə vasitələrlə ələ gətirməyinizlə maraqlanıram. – Təəccüb ediləcək bir şey yoxdur. – Söylə baxım! – Tamamilə söyləsəm, qısqanmazsan ki? – Bilmirəm! Əcəba, mən qısqanmaq səlahiyyətini qazanmışammı? – Mən bu səlahiyyəti sizə çoxdan bəri vermişəm. Əgər siz qəbul etməsəniz, bu, başqa məsələ. – Mənim qısqanc olmadığıma başqa bir səbəb də vardır ki, bəlkə, siz onu bilmirsiniz. Nina tez-tez əlimi sıxıb deyirdi: – Söylə! Sən mənim canım, söylə! – Söylərəm! Qısqanmağa lüzum yoxdur, çünki mən bacarıqlı və namuslu bir qız olduğuna tamamilə inanmışam. Mənim bu sözlərimdən sonra Ninanın ürəyindəkilər tamamilə üzündən və gözlərindən oxunurdu. Onun əlləri birdən-birə qızdı. O mənim həqiqi yoldaşım olduğunu dilinə gətirmədən belə, mənə anlatdı... Sevincli bir səslə: – İnanıram, – dedi. – Lakin nə olursa-olsun, kişilərdə qısqanmaq təbii bir haldır. Lakin sən inanmalısan ki, mənim yoldaşlığım istənildiyi qədər səmimidir. İndi dinlə! Mən şərqliləri qadını tez sevən şəhvət əsirləri kimi tanıyırdım. Fəqət bu xüsusiyyət başqalarında da varmış. Mənim konsulxanada sevilmək işim əvvəlcə konsulun özündən başladı. Bundan sonra isə baş katib, ikinci, üçüncü katib, müşavirlər, mütərcimlər, şifrə müdirləri, ümumi idarə müdirləri, dəftərdar, arxiv müdirinə qədər mənə öz məhəbbətini elan etməyə başladı. Konsulxanadakılar məni görən kimi özlərini unudurlar. Ümumiyyətlə, kişilərin bədbəxtliyinə səbəb olan da bu kimi hallardır. Konsulxanadakı kişilərin, demək olar ki, hamısı belədir. Onların hamısı məndə özlərinə qarşı gizlin bir sevgi hiss edir. Bu kimi yanlış duyğunun nəticəsində onlar məni bir-birinə qısqanırlar. Mən bir gün Mirzə Fətulla xanın əlini sıxıb güldüm. Mirzə Ələkbər xan mənimlə xüsusi söhbəti olduğunu bildirib nə zaman vaxtım olduğunu soruşdu. Mən «Vaxtım yoxdur» deyə daima boyun qaçırırdım. Nəhayət, bir gün o məni konsulxanadan çıxarkən qarşıladı və yol uzunu xüsusi söhbətini deməyə başladı: – Mən sizə çoxdan bəri bir həqiqəti demək istəyirdim. Lakin buna fürsət tapa bilmirdim. Siz konsul ailəsinin içərisinə girdiyiniz gündən bəri nəcib və əsl bir ailədən olduğunuzu hiss etdim. Sizin hər kəsi gülə-gülə dindirməyiniz kübar bir ailəyə mənsub olduğunuzu göstərdi. Fəqət bizim xalq mədəniyyətsizdir. Daha doğrusu, vəhşidir. Sizin bu vəziyyətinizdən şübhələnirlər. Xüsusən bizim Mirzə Fətulla xan kimi adamlar qadınlara necə yanaşmaq və onlarla necə rəftar etməyi tamamilə anlamırlar. Mirzə Fətulla xan orada-burada sizin onu sevdiyinizi və ona məhəbbət məktubları yazdığınızı söyləyib fəxr edir. Tutalım ki, siz sevgi məktubu yazmısınız. Əgər o, mədəni bir adam olsaydı, bunu kimsəyə deməməli idi. Zatən əvvəldən də onun xasiyyətidir. Tanış olduğu qadınlar haqqında hər yerdə danışar və nalayiq sözlər söylər. Bir də siz burasını bilməlisiniz ki, o cənab generalın yanında o qədər nüfuza malik deyildir. Bunun üçün də sizdən rica edərdim ki, konsul ailəsinin şərəfini mühafizə üçün bu kimi şərəfsizlərə üz verməyəsiniz və üzlərinə gülməyəsiniz. Hər nə xidmətiniz olsa, mənə deyə bilərsiniz, zənnimcə, sizə olan səmimi hörmətimi bilməmiş deyilsiniz. Sizin nəcabətiniz haqqında ailəmdə də danışmışam. Qadınım, qızlarım da sizinlə görüşməyə can atırlar. Xüsusən Almaniyadan yeni gətirdiyim pianonu gözdən keçirmək üçün sizin bizə gəlmənizi rica ediblər. Əgər mümkün olarsa, bir yarım saat zəhmət çəkəydiniz. Bunun cavabında nə deyə bilərdim? Onun bütün fikrini əvvəldən də bilirdim, başqası da bilməsə, özüm onun saxtakar bir adam olduğunu bilirdim. Ona belə cavab verdim: – Mirzə Fətulla xan hər söz deyə bilər. Onun ağzını yummaq olmaz. Bəlkə, bəzi kişilər bununla da təskin tapırmışlar. Sizin pianonu gözdən keçirməyə gəldikdə heç də sözüm yoxdur. Nə vaxt lazım olursa, gələ bilərəm. – İndi zəhmət çəksəydiniz, daha yaxşı olardı. – Nə eybi vardır? İndi də gedə bilərik. Onun evi çoz zəngindir. Özünün deməsinə görə, Şərqin bütün entiqə və qiymətli şeyləri onun əlində imiş. Hər şeyi gözdən keçirdik. Doğrudan da, qiymətli şeylər çoxdu. Qadını və uşaqları ilə tanış etdi. Balaları özündən tərbiyəli görünürdü. Qadını rusca az-çox danışa bilirdi. Fikrini anladırdı. O məni qonaq çağırıb daimi tanış olmağımızı xahiş edirdi. Mirzə Ələkbər xanla tanışlığımız belə başladı. O, yenə də hər dəfə görüşəndə öz nəcabətindən və konsulun yanında olan nüfuzundan danışır, mənə çox inanırdı. Konsulxanaya yolum düşdükdə kabinetinə də girməyə ixtiyarım vardı. Yanında olan gizli kağızları da görürəm. Bir çox şeyləri götürüb oxumağıma da mane olmayır; çünki o, mənim siyasətdən çox uzaq olduğumu düşünürdü. – Çox pakizə. Bəs Mirzə Fətulla xan necə? – O mənim Mirzə Ələkbər xanla olan tanışlığımı, evlərinə getdiyimi də eşitdi. Yarın qısa bir məktub yazmışdı. «Mümkün olarsa, bir neçə kəlmə danışmaq üçün vaxt təyin edin!» Vaxt təyin etdik. Konsulxanada, onun kabinetində görüşdük. O da Mirzə Ələkbər xan kimi sözə başladı: – Biz imperator təbəəsiyik. Bizdə xüsusi bir namus vardır ki, o, başqalarında yoxdur. Bunun üçün də biz İranda hamıdan əvvəl oturub-durduğumuz adamların kimlər olduğuna fikir verməliyik. Mirzə Ələkbər xanı demirəm ki, pis adamdır. Amma hər nə olursa-olsun, şərqlidir. Rus tərbiyəsi görməmişdir. O, qadınlara tamamilə yanlış alaqə bəsləyir. O hər qadını bir ölçü ilə ölçür; o, Rusiyadan gələn əxlaqsız qadınlarla çox oturub-durmuşdur. Bağışlayasınız, sizin nəcib və sağlamfikirli qız olduğunuza heç də şübhəm yoxdur. Fəqət bu cür naqis adamlarla oturub-durmaq, şübhəsiz ki, sizi ləkələyə bilər. O vaxt cənab general-konsul da bunu eşidib haqqınızda şübhələrə düşər. Hərgah sizə bir şey lazımsa, biz burada ölməmişik. Hərgah siz əylənmək istəyirsinizsə, öz evimiz, öz ailəmiz, öz cəmiyyətimiz də vardır. Bizim qapımız sizin üzünüzə açıqdır. Siz gərək mənim yaşayışımdan dərs alasınız. Burada gül kimi ad saxlamışam. Konsulun yanında bir sözüm iki ola bilməz. Konsul hazırda mənim bir tükümü yüz Ələkbər kimi adamlara vermir. Hamısı mənim imperatora olan sədaqətim və özümün namuslu bir adam olduğum səbəbinədir. Siz hərgah özünüzü bu cür adamlardan müdafiə etmiş olsanız, mən də sizin kimi namuslu bir qızla tanış olmağımla fəxr edə bilərəm. Çoxdan bəri sizə öz saf sevgimi izhar etmək istəyirdim. Xüsusən evdə sizin konsul ailəsinə gəldiyinizi eşidəndən bəri hər gün məndən soruşurlar. Qızlarımla gündə bir saat məşğul olmağınızı xahiş edirlər. Fətulla xan danışıb qurtarınca əlimi neçə dəfə sıxdığını bilmədim. O, danışdıqca mənim gözüm onun masasının üstündə idi. Masanın üstü mənim üçün olduqca əlverişli idi. Bütün rusca sənədlər orada idi. Buna görə də Fətulla xanı ümidsiz buraxmaq yaramazdı: – Fikirləşərəm. Sizin alicənablığınız haqqında konsul ailəsində çox qiymətli və tarixi sözlər eşitmişəm, – dedim. Fətulla xan ayağa durub yenə oturdu. Uca yaxalığını düzəltdi. – İndi ki, bu sizə məlumdur, daha mən heç bir söz danışmamalıyam, çünki insan heç vaxt özünü tərif etməməlidir, – dedi. – Eybi yoxdur. Ayın birindən etibarən dərsə başlarıq. Haqqımda olan xeyirxahlığınızdan məmnunam. Dedikləriniz haqqında fikirləşərəm. Qalxıb getdim. Yarın şifrə müdiri adəti üzrə əlimi sıxdı. «Bizə iltifatınız yoxdur? – deyə söz atdı. Qolumdan tutub oturtdu. Onun yanında birinci kərə otururdum. Şifrə odasında kimsənin oturmağa haqqı yoxdu. Oturdum. O, əlindəki işini qurtardı. Üzümə baxıb mənə rəhmi gələn bir adam kimi başını buladı: – Ah, siz hələ uşaqsınız. Harada yaşadığınızı bilmirsiniz. Burası Şərqdir. Buranın adamları üzdə behişt, içində isə cəhənnəmdir. Nə qədər gec deyil, bunlardan çəkil! Namusun öz namusumdur. Burada beş-altı adamıq. Özümüzü çox namuslu aparmalıyıq. Mən sizin haqqınızda büsbütün başqa fikirdəyəm. Cənab konsula da bu xüsusda işarə vermişəm. Doğrusu, qadınımla yaşamaq heç də mümkün deyil, tərbiyəsi ilə tərbiyəm tutmur. Əslinə baxsan, bizim onunla evlənməyimiz özü də bir şübhədir. Yaxında boşamaq fikrindəyəm. Özü də əsilzadə deyil. Cəmiyyət içərisinə çıxarmağa da utanıram. O belə sözləri çox danışdı. Bu gündən başlayıb mən şifrə müdirinin odasına çox gedib-gəlirdim. Hər görüşündə: – Siz söz versəniz, qadınımı boşayıb sabahın özündə Oryol şəhərinə yola salaram, – deyirdi. – Mən də anama bu məsələ haqqında yazmışam. Baxaq, nə cavab verəcəkdir? – deyə mən də onu sakit etdim. – O son zamanlarda öz vəzifəsi dairəsində mənim üçün bir vəzifə də təyin etmişdir. Mənim işim şifrə salınmış materialları hissələrə ayırıb bəzilərini isə bağlayıb arxivə verməkdən ibarətdir. Mirzə Ələkbər, Mirzə Fətulladan götürə bilmədiyim vəsiqələri buradan daha götürə bilirəm. Amma şifrə müdiri qədər qısqanc bir adam görməmişəm. O, iki tərəfdən qısqanır. Onun özü də bunu təsdiq edib deyir: – Bir tərəfdən çox sevirəm. Bunun üçün də qısqanıram. O biri tərəfdən də millətimsiniz. Şərqlilərin sizi sevməsi mənim milli namusuma toxunur. – Zatən kişilər qısqancdır. Onlar yalnız öz qadınlarını deyil, yabançı bir qadını belə bir-birinə qısqanırlar. Burası çox gülüncdür, – dedikdə o özü də təsdiq etdi: – Doğrudur, qısqanclıq sevgidən doğur. Hər sevən kişi qısqanmağa məcburdur. Şifrə müdiri mənə çox inanır və məni sadə bir qız hesab edir. Onun şifrə müdiri təyin olunmasının başlıca səbəbi də ancaq xalis rus olmasıdır. Çox avam, çox axmaq bir adamdır. İndi sənə bir az da konsulun özündən danışacağam. – Konsulun özü də mi səni sevir? Nina gülə-gülə cavab verdi: – O sevir, fəqət sevgini köhnəlmiş bir üsulda həyata keçirir. O məni böyük qızım deyə səsləyir və saçımdan öpür. O mənim saçıma əl çəkdikdə nə vəziyyət aldığını hiss edirəm. Zatən burası kişilərdə tez-tez təsadüf ediləcək bir xüsusiyyətdir. Onlar qadına yanaşdıqda əvvəlcə bacısı, qızı və sair yaxınları kimi sevər. Sonda öz həqiqi məqsədini söylər. – Nina, – dedim, – sən kişiləri çox dərindən öyrənməyə çalışırsan. Bu işə çoxdanmı başladın? – Araz çayını bu tərəfə keçəndən bəri! – Bu dərsdə müvəffəqiyyətiniz vardırmı? – Qismən vardır. Qismən də yoxdur. – Məsələn? – Bəzilərini öyrəndim. Bəzilərini yox. – Əlbəttə, kişilərin hamısını öyrənmək mümkün deyil. Dairəni çox geniş götürməyib proqramı qısaltmış olsanız, daha tez nailiyyət qazanarsınız. – Doğrudur. Mən bayırda müvəffəqiyyət qazanıramsa da, təəssüf ki, bu divanın üstünü, burada oturan bir kimsəni lazımı qədər öyrənə bilmədim. – Demək, sən hələlik bu evin içini belə öyrənə bilməmişsən. – Evi öyrənmişəm. Cansız şeylərin hamısını təhlil edə bilərəm, lakin mənimlə çoxdan bəri tanış olan hər bir imkan və səlahiyyətə malik olan bir adamı öyrənə bilmədim. – Mənimi? – Bəli, səni! – Əcəba, mənim kim olmağım sənə aydın deyilmi? Sənə başladığım sıx münasibəti təyin edə bilmədinmi? – Təyin etsəm də, ona müəyyən bir şəkil verə bilmədim. Bunda aciz qaldım. Sən çox iradəli adamsan. Dəmir adamsan. Atamın da iradəsi belə idi. Bu iradə bolşevik iradəsidir. Bunu heç kəs sındıra bilməz. Bilmirəm, bolşeviklərin hamısındamı belə iradə vardır? – Bilmirəm. Mən bolşeviklərlə heç vaxt oturub-durmamışam. – Kim bilir, bəlkə, mən aylardan bəri bir bolşevik ilə üz-üzə otururam. Bu iradə yalnız bolşevikdə ola bilər. Qızlar bu iradə sahibini daha tez sevə bilərlər. Doğrusunu söylə, sən bolşeviksənmi? – Mən bolşevik ola bilsəydim, doğrudan da, özümü iradəli bir insan hesab edərdim. Mən bolşeviklər haqqında çox eşitmişəm. Lakin hər mənim kimilər bolşevik ola bilməz. Hər kəs də bu adı daşımağa layiq deyildir. Bolşevik nə aldanır, nə də təslim olur. Bolşevik öhdəsində olan firqə vəzifəsini həyatının birinci planına keçirir. Qalan işlər isə ikinci dərəcədə qalır. – Çox gözəl. De görüm, bolşevikdə sevgi olmazmı? Nina yenə də kosnulxanadan, başqa-başqa yerlərdən danışaraq sonra məsələni gətirib əvvəlki yerə çıxarmışdı. Yenə də sevgidən bəhs edir, yenə də məni öyrənməyə çalışırdı. Ona qarşı sükut etmək yaramazdı. Cavabında dedim: – Bolşeviklərdə sevgi hissi daha səmimidir. Onların sevgisi daha sağlam, daha safdır. Eşitdiyimə görə, bolşeviklər qadınları çox sevir, fəqət tam mənası ilə bir yoldaş və cəmiyyətin üzvü kimi sevir. Bolşeviklər qadının cəmiyyətdə ən aktiv işçi olduğunu iddia edirlər. – Doğru deyil. Qadın kişi qədər həyatda yaradıcılıq göstərə bilməz. – Mən də əvvəl belə düşünürdüm. Lakin sonradan bildim ki, bolşevikliyi yaradanlar o həyatda iştirak edə biləcək bolşevik qadınlar da yaradacaq və onların vəzifələrini lazımınca təqsim edə biləcəkdir. – Onda qadında heç incəlik qalmaz. – Bolşeviklər incəliyin əleyhinə deyillər. Onlar qadınlığın tələb etdiyi hər bir incəliyi qadınlığa verir. Eyni zamanda onların bir əyləncə şəkli almasına mane olur. Nina yenə də düşünməyə başladı. Təəccüblü bir halda: – Mən, – dedi, – bolşeviklər haqqında çox düşünürəm. Lakin bu düşüncələr heç bir fayda vermir. Bolşevik tipi, bolşevik siması, mənim vaxtilə romanlarda tanış olduğum fantastik tiplər, gözəgörünməz simalar kimi qalır. Onları oxucunun gözündə həqiqətə çevirəcək heç bir vasitə yoxdur. Ona görə də bolşeviklər haqqındakı düşüncəm, bir romanın qəhrəmanına dair olan təsəvvürüm şəklini alır. – Mən də sənin kimi düşünürdüm. Lakin günlərin birində bir nəfər tanışın əlində bir-iki bolşevik kitabçası gördüm. Bilmirəm, o da haradan tapmışdı. Hərdən mən də gedib qulaq asdım. Oradan bir çox sözlər eşitdim: – Sən o kitabları tapıb mənə verə bilərsənmi? – Bilmirəm, gərək qabaqca o tanışımı axtarıb tapam. Bəlkə də, kitablar qalır. Hərgah qalırsa, tapıb sənə verərəm. Amma nədənsə mən o kitablarla çox maraqlanmıram. – Rica edirəm! Mən onları öyrənmək istəyirəm. Tapsan, çox razı qalaram. – Əmin ol! Bəlkə də, tapdım. Ayrıldıq. Konsulxanadan qafqazlılara aid olan vəsiqələr gətirilmişdi. Onları müzakirəyə qoymaq üçün əncümənə getdim. * * * Məclisdə Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar. Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik. Maku ordusunun inqilab tərəfində duran bu kəndi qətli-qarət etdiyi, 28 nəfər öldürüldüyü, qalanları isə əsir götürüldüyü söylənilirdi. Maku ordusu 7 min atlı, piyada, beş Avstriya topu və bir çox müxtəlif sistemli silahdan ibarət idi. Ordunun başında İzzətulla xan, avacıqlı Heydər xan və Nəsrulla xan dururdu. Tehran ordusu Təbrizi üzük qaşı kimi aralığa almışdı. Ümumi müharibənin başlanacağı haqqında rus konsulunun Peterburqa və Tehrandakı rus səfirinə göndərdiyi şifrəli teleqramın surətini Nina həmin gün ələ gətirmişdi. Teleqramda belə yazılırdı: «Təbriz son dəqiqələrini keçirir. Hökumət qoşununun miqdarı 30 mindir. 12 yeni və bir miqdar da əski top vardır. Salar Əfrə, Seyfulla xan, Eyvazəli xan Qara Məlikdən, Maku qoşunları isə Acıçay, Qamışvan tərəfindən hücum edir. Bunlar Hökumabad, Səbğazan və Qaraağacı götürmək üçün çalışır. Hələlik Zərğam Nizam, Musa xan, Mədədəli xan və Hüseyn xan min nəfər atlı ilə Seyid İbrahim məqbərəsi tərəfindən Ayrançı məhəlləsinə soxulmuşdur. Bir bölük piyada Lekləri, ikinci bölük isə Saman meydanı təriqi ilə İstanbul darvazasını götürmək üzrədir. Surxab dağının ətəklərində yerləşdirilmiş toplar Sərdari-milli Səttar xanın mərkəzi olan Əmrəxizi aramsız bir surətdə topa tutur. Bağır xanı tutmaq üçün Eynüddövlənin Şatranlı ordusu və Tehrandan yeni gələn ordunun süvari hissələri və Xiyaban və Maralan tərəflərinə soxulmaq üzrədir. Təbriz alındıqdan sonra nə cür hərəkət edəcəyimiz haqqında sərəncam gözləyirəm». Ən əvvəl Qamışvan tərəfindən hücum edən Maku ordusu sındı. Səttar xan makululara hiylə edib Acı körpüsündən içəri çəkildi. Maku qoşunu şəhərə soxuldu. Onlar körpüyə yaxın Əmir karvansarasında yerləşdilər. Səttar xanın adamları divarları deşib karvansaranı mühasirəyə aldılar. Axşama qədər davam edən müharibədə makulular tamamilə məğlub oldu. Bütün hərbi ləvazimat şəhərin içərisinə daşındı. Dəvəçi və Əmrəxiz tərəfindən hücum edən Mədədəli xan, Musa xan, Hüseyn xan isə Zaqafqaziya işçilərinin bombaları qarşısında sovurulub geriyə atıldı. Burada bombalardan biri divara toxunub iki nəfər bombaatan Zaqafqaziya işçisini tələf etmişdi. Eyni zamanda bu bombanın bir parçası da hücum etməkdə olan Zərğam Nizamın bir gözünü tökdü. Qaraməlik tərəfində toplanan Salar Əfrə Seyfulla xan, Amanulla xan, Eyvazəli xan qüvvələri isə Maku ordusunun məğlubiyyətini görərkən çəkilməyə məcbur oldular. Xiyaban məhəlləsinə soxulmaq istəyən Şatranlı ordusu da Maralan, Quruçay, Xiyaban məhəlləsinə soxulub toplarını təpələrdə yerləşdirməyə müvəffəq olmuşdu. Buradakı müharibə saat ikidən axşama qədər davam etdi. Bunlar da cəhənnəm maşınlarının dəhşətlərindən yaxa qurtarıb qaçmağa başladılar. Aparılan ölülərdən başqa, 500 nəfər ölü buraxıb qaçdılar. Bu gün Zaqafqaziya işçiləri İran inqilabının tarixində misli görünməyən bir qəhrəmanlıq göstərdi. Gün batan vaxtı bütün cəbhələrdə sakitlik başlanmışdı. Biz gecə saat ondan gündüz saat beşə qədər yoldaşların basdırılması, yaralıların sarınması ilə məşğul olduq. * * * Çox yorulmuşdum. Mənzilimə gəlib yuyundum. Üstüm-başım qana və qanlı torpağa batmışdı. Əlbisəmi dəyişdim. Yemək istəyirdim. Gecə saat ondan indiyə qədər heç bir şey yeməmişdim. Bu gün çox qiymətli yoldaşlarımızı itirmişdik. Odur ki, əsəblərim çox xarab olmuşdu. Ninanın yanına gəldim. Gecə saat 12-nin yarısı idi. Mən içəri girərkən o, Məcidi yatırmaq üçün ona yemək verirdi. Məcid məni görməmiş yatmazdı. İçəri girərkən üzərimə atıldı. Qucağıma götürüb oxşadım. Danışdırdım. Fəqət əylənmək həvəsim yoxdu. Səltənət bəyim onu məndən alıb yataq otağına apardı. Heç bir söz demədən Ninadan çay istədim. Çay içdikdən sonra Səltənət bəyim yeməyi gətirdi. Onun öz otağına gedib yatmasını rica etdik. Nina mənim pozğun və yorğun simamdan bir bədbəxtlik üz verdiyini duymuşdu. Onun üçün də sözü haradan başlayacağını bilmirdi. Axırda xəfifcə gülərək dedi: – Cəbhələrdə nə olubsa, bilmirəm. Ancaq konsulxanada olanları söyləsəm, güləcəksən. Nina ayağa durdu. Başını iki əlləri arasına alıb evdə sağa-sola dolaşmağa və konsulun hərəkətini təqlid etməyə başladı. – Alçaqlar, qoyunlar, əclaf, yığma köpəklər. Beş-on cüt lotupotunun, çırın-çıplağın öhdəsindən gələ bilmədilər. Mən səfiri də aldatmışam. Təbriz alınır deyə teleqram vurdum. Hələ Nina oyununu qurtarmamışdı. Onu dayandırıb soruşdum: – Bugünkü işi necə gördün?! – Böyük qələbədir. Lakin konsul hələ də ümidini kəsməmişdir. Bu gün bütün ordu nümayəndələri ilə danışıq aparılacaqdır. Eynüddövləyə rus mənafeyinə toxunmamaq üçün müharibənin uzatması təklif olunacaqdır. Hələ yeməyi bitirməmişdik. Yenə də şəhəri dəhşətli bir gurultu götürdü. Vidalaşıb Ninanın dediyi kitabları özünə tapşırmaqla çıxdım. İnqilab Şurasında böyük həyəcan vardı. Səttar xan nə evdə, nə də şurada yox idi. Eynüddövlə ordusundan bir alay qəflətən hücuma keçərək Məşq meydanını tutmuşdu. Şiddətli müharibə gedirdi. Biz gecə saat birdə Səttar xanı cəbhədə tapdıq. Bu döyüş səhər saat beşin yarısına qədər davam etdi. İşıqlanarkən düşmən başıpozuq bir halda geri çəkildi. Vuruşmada düşmənlərdən 45 nəfər öldürülmüşdü. * * * Hər gün xırda çaxnaşma olurdu. Axırda Süpəhdar Məhəmmədəli şaha belə teleqram vurmağa məcbur olmuşdu: «Əlahəzrətə! Düvəli müəzzəmə konsulları məclisini əyalət əncümənin açılmasını və inqilabın bununla da yatırılmasını məsləhət görürlər. Hərgah qibleyim-aləm mərhəmət buyurursa, yeni intixablara başlanarsa, bununla da «dəyirmana su gələr və işləməyə başlar», belə olursa, əlahəzrətin səltənəti nəslən bəd nəsil möhkəm olar. 21 şəban. Bəndəyi-kəmtərin Süpəhdar». Məhəmmədəli şah da bu məzmunda bir teleqram vurub Süpəhdarı məzəmmət edirdi: «Sizdən çox uzaqdır ki, dörd-beş nəfər şərarət sahibini tutub cəzasını vermədən Təbrizdə seçki başlanmasını təklif edirsiniz. Necə ki, şəri məşrutəni vermişəm, elə də məclis və əncümən bərqərar olacaqdır. Allahın mərhəmətindən Tehran şərarətçilərini dağıtdıq. Babi dinini nəşi edənlərin cəzasını verdik. Azərbaycan rahat olmayınca əncümən seçkisinə icazə verməyəcəyəm. Təbriz altından qayıdıb qaçan Maku ordusunun Təbriz müharibəsinə qayıtması üçün təşəbbüsdə bulunmalısınız». Yuxarıda göstərilən bu teleqramların hər ikisi öz yerinə göndərilmədən rus general-konsulunun əlinə keçmişdi. Rus konsulunun poçt-teleqraf idarəsində olan agentləri hər bir teleqrafı oğurlayıb gətirirdi. Nina isə bunları ya mütərcimlər masası və ya şifrə müdiri kabinetindən götürüb inqilabçılara verirdi. * * * Ninaya qarşı şübhələr Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı. Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə «Bolşeviklər kimdir və nə deyirlər?» adlı bir əsərdi. Nina bu kitablarla çox maraqlanırdı. O, sinfin sinfə qarşı qoyulduğu üsuldan, sinifləri arasındakı iqtisadi təzadlardan oxuduqca həzz alırdı. O, xüsusən sinfi mübarizə yollarını öyrənir və mübarizə edən siniflərin kimlərə arxalandığını araşdırırdı. Nina yenə də məni görən kimi barmağını bir sətrin üstünə qoyub dedi: – Bunlar tamamilə doğrudur. Lakin mən hazırda İranda mübarizə aparan siniflər arasındakı ziddiyyətin təfsilatını lazımınca təhlil edə bilmirəm. – Əlbəttə, bu çətindir. Çünki İran sənaye ölkəsi deyildir. Buradakı mübarizə bir tərəfdən kəndli, bazar əsnafı, xırda sənaye sahibləri, xırda burjuaziya, digər tərəfdən də böyük mülkədar, xırda feodallar, hakimlər arasında gedir. Bunun üçün də mübarizənin və ziddiyyətin şəkli tamamilə başqadır. Buna görə də İrandakı ziddiyyəti kitabdan deyil, təcrübədən öyrənməlisən. * * * Mən hər gün Ninanın yanına gedərkən ondan yalnız bu söhbətləri eşidirdim. Bir neçə gündən sonra onu evdə çox az görürdüm. Hər gün Təhminə xanımgilə getdiyini söyləyirdi. Axırda mən bu məsələ ilə maraqlanmağa başladım. Təhminə xanımı hər gün görürdüm. Ninanın onlara məhəbbət bəslədiyini və bunun üçün də evlərinə tez-tez getdiyini xatırlatdım. Təhminə xanım evi təmizləyirdi. Başını qaldırıb üzümə tərs-tərs baxdı: – Bəli, çox gəlir! – deyə işinə davam etdi. Qadının bu qısa cavabından şübhələndim. Daha bir söz söyləmədim. Ninanı təqib etməyə başladım. Günlərin birində onun Təhminə xanımın evinə getdiyini gördüm. Bir azdan sonra 18–20 yaşında olan bir neçə gəncin də Təhminə xanımın evinə girdiyini gördüm. Şübhəm daha da artdı. Əvvəlcə oraya girən gəncləri öyrənməyə çalışdım. Tütünçüoğlunu çağırdım. Qapıda qoyub bütün buradan çıxanların kim olduqlarını bilib mənə xəbər verməsini tapşırdım. Tütünçüoğlu ən inanılmış yoldaşlardan birisi idi. Xüsusən onu Sallax Süleymanın əlindən qurtarmağım onun mənə olan məhəbbətini daha da artırmışdı. Axşama bir saat qalmış Tütünçüoğlu ilə görüşdüm. O mənə 7 nəfər gəncin siyahısını verdi. Bunlar xalça fabrikində çalışan yoxsul işçilərdi. Təhminə xanımın oğlu Həsənağanın yoldaşları idi. Bu toplanış yalnız bir gün deyil, iki-üç gündən bir olurdu. Bu sirri yalnız Təhminə xanımdan öyrənmək mümkündü. Təhminə xanıma və qızlarına paltarlıq almışdım. Yenə də adəti üzrə o, evi təmizləməyə gəlmişdi. Yuduğu alt paltarlarımı da gətirmişdi. Təzə aldığım paltarları verdim. Çox razı qaldı. – Oğlum, gün o gün olsun ki, bu paltarları sənin toyunda geyib oynayaq, – dedi. Mən tez cavab verdim: – Ah, Təhminə xanım, daha mən kimə evlənəcəyəm? Hanı o qız ki, inanasan? – Bəs Nina xanım nədir? Ondan gözəl qızı haradan tapacaqsan? Özünün də sənin sevgindən uçmağa qanadı yoxdur. – Doğru deyirsən, Təhminə xanım. Bir az bundan əvvəl belə idi. Amma indi... – Necə indi? İndi nə olubdu ki? – Nə olacaqdır? Ninanı daha axşam-səhər evdə tapmaq mümkün olmur. Sizin evdə cavanları başına yığıb kefini sürür. Bu sözü deyəndə elə bil ki, barıtı od tutdu. Təhminə xanım süpürgəni yerə atıb irəli gəldi: – Bu cür sözləri danışma! Mənim evimdə o cür şeylər olmaz. Nina özü də elə qız deyil. İstəyirsən açığını deyim. Amma bir adama deməməlisən, çünki mənə and veriblər. – Bilirəm, nə üçün yığılırlar. Nina özü başqalarını sevirsə, mənim nə sözüm ola bilər? Qorxma, heç kəsə demərəm. – Həsənin ölümünü görüm ki, sən yanılırsan. Belə şeylər yoxdur. Qoy doğrusunu deyim. İndi bir neçə gündür ki Nina bir-iki kitab gətirib Həsənağanın yoldaşlarını yığıb dərs verir. Əvvəlcə tək Həsənağaya dərs verirdi. Sonra isə yoldaşlarını da çağırdı. Amma nə dərs olduğunu bilmirəm. Çox gizli tuturlar. Mənə and veriblər. Ancaq səndən keçə bilmədim, dedim. Amma sən olasan Həsənağanın canı, bu sirri heç kəsə açma! Nina Təbrizdə birinci dəfə firqə özəyi təşkil etmişdi. Ninanın özü ilə bərabər, özəyin doqquz nəfər üzvü vardı. Axırda mənim özüm də hər gün Təhminə xanıma bu sirri kimsəyə açmamasını tapşırırdım. Təhminə xanım bu sirri öz qızlarından da gizlin saxlayırdı. * * * Siyasi dərnək üzvləri Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı. Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi. O nə üçün qəmgindir? O nə üçün ağlayır? O nə üçün qara geydi? O nə üçün məni evdə buraxıb getdi? Bəlkə, onun sevgilisi vardır? Bəlkə, o mənə öz qəlbini deməyə utanır? Bəlkə, o açıqdan-açığa məni rədd edə bilmir? Bəlkə də, Təhminə xanım məni aldadır? Kim bilir, Təhminə xanım onu bir başqası ilə tanışmı etmişdir? Bunları düşünürkən yenə də Ninanın mənə qarşı səmimiyyətini xatırlayıb bütün şübhələrimi rədd etməyə çalışırdım. Mən bu düşüncələrin təsiri ilə kitabı vərəqləyirdim. Kitabın arasında qalın bir kağız olduğunu hiss etdim. Bununla çox maraqlandım. Ninanın hazırkı sirlərinə bununla yol tapacağımı düşündüm. Bəzən qızların bütün varlığını və qəlbini ifadə edəcək kağızların kitab arasında gizlədildiyini bilirdim. Kağızı götürdüm. Riqadan yazılmışdı. Kağızı yazan Ninanın anası imiş. Konsulxana ünvanına gələn bu məktub musiqi müəllimsi Rozinaya yetişməli idi. Məni heyrət götürdü. Xəcalətimdən tərlədim. Köksümdən, başımdan buxar qalxdığını gördüm. Hərəkət etməyə taqətim yox idi. Məni sevən, mənim sevgim üçün ölümlər qarşısından atılan bir qız indiyə kimi doğru adını belə mənə söyləməmişdir. Düşündüm. Bir neçə dəqiqə bu düşüncələr davam etdi. Öz-özümə dedim: «Yox, yox, bu qız sadə bir qız deyildir. Bu, bilə-bilə özünü sadə göstərirmiş. O nədir? O kim ola bilər? O, əks-inqilabçı deyildir. O, konsulun xəfiyyəsi də deyildir, çünki əks-inqilabçı olsaydı, bu qədər gizlin sirləri gətirib inqilabçıların əlinə verməzdi». Yenə də düşünməyə başladım: «Yox, bu inqilabçıdır. Bundan inciməyə haqqım yoxdur, çünki mənim özüm də öz doğru adımı deməmişəm. Qız inqilabçıdır! İnqilabçı olduğu üçün də ehtiyatlıdır. O məni sevir, çox səmimi sevir, kim bilir, bəlkə, məni inqilaba xidmət etdiyim üçün sevirmiş. Əgər belə isə o, yenə də məndən uzaqgörücü və diqqətlidir; çünki o məni tez tanıdı. Mənsə onu çox gec və çətin tanıya bildim. Hər nə isə qız məni sevir. Hərgah adını gizləmişsə də, sevgisini və qəlbini gizləməmişdir. Bəlkə də, bu məktub onun deyil. Bəlkə də, onun adı Ninadır». Bu düşüncələrlə kitabı yenə vərəqlədim. Bir yığın kağız parçalarına rast gəldim. Kağızları açdım. Öz-özümə: «Buradan yenə də bəzi şeylər öyrənmək olar», – dedim. Kağızlar doqquz nəfərin firqə bileti idi. Birinci bileti oxudum. Rozina Nikitina. Demək öz adını sevdiyi bir adamdan gizlədən qız öz firqəsindən gizlədə bilməmişdi. Firqə biletində doğru adını yazdırmışdı. Təbrizdə birinci firqə özəyini təşkil edən bu qız məni daha da maraqlandırdı. Özək üzvlərini bir-bir oxudum. Rozina Nikitina; 2) Həsənağa Heydər oğlu; 3) Şəfi Şəban oğlu; 4) Ələkbər Kazım oğlu; 5) Bağır Hacı oğlu; 6) Saleh Müseyib oğlu; 7) Yavər Xəlil oğlu; 8) Hacıağa Əvəz oğlu; 9) Dadaş Qulu oğlu. Özək üzvləri vaxtilə Tütünçüoğlunun gətirdiyi siyahıda yazılan gənclər idi. Ninanın Təhminə xanımın evinə bunları hazırlamaq üçün getdiyi aydın oldu. Son iki firqə biletinin qaralandığı məni yenə də fikrə saldı. «Əcəba, bunlar firqə özəyindən qovulmuşlarmı? Hərgah qovulmuşlarsa, nə üçün? Hansı xəyanətlərin səbəbinə?» Bəlkə də, «bunlar gedib özəyin sirlərini verər, qızın kim olduğu meydana çıxar, özək üzvlərinin başına bir fəlakət gətirərlər», – deyə bu məsələ haqqında qızla danışmağı və bu barədə ona bəzi məsləhətlər verməyi qərara aldım. Bir azdan sonra fikrimi dəyişdim. «Qızın özü o qədər də yazıq və bacarıqsız deyildir, o bütün ağırlığın qabağından qurtarmağı bacarar» deyə düşündüm. Durub çayı gətirərək qabağıma qoydum. Kitabı da götürüb əvvəlki yerinə buraxdım. Məcid də oyanmışdı. Ninanı çağırırdı. Durub paltarlarını geydirdim, yanıma götürdüm. Çay tökmək istəyirdim. Nina içəri girdi. – Nə tez qalxdınız? Mən bilsəydim, tez qayıdardım. – Yata bilmədim. Fikir qoymadı. Məcid də oyandı. Məcid Ninaya tərəf yüyürərək: – Hara getmişdin? – deyə soruşdu. Nina uşağa təəccüblə baxdı: – İşə getmişdim, – deyə başını aşağı saldı. Çayı içdik. Nina gedib paltarını dəyişdi. Qara ipək köynəyini çıxarmamışdı. Mən onu dindirmək istəyirdim. – Nə üçün qara köynəyi dəyişmədin? – deyəndən sonra bu mahir qızın nə cavab verəcəyi ilə maraqlanırdım. O heç dayanmadan: – Bu gün, – dedi, – Səltənət bacı nədənsə gəlməmişdir. Özüm çalışıram. Ağ köynək tez çirk olur. Tez-tez dəyişmək lazım gəlir. Qara köynəkdə ləkələr tez məlum olmur. Mən ayaq üstə qalxıb getməyə hazırlaşdım. – Yalnız qara köynəkdə deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur, – deyə dışarı çıxırkən, Nina dalımca təəccüblə baxırdı. Nə cavab verəcəyini bilmirdi. * * * İş belə deyil. O, inqilabçıdır. Lakin sevgisi də adı kimi məchuldur. O sevir, lakin məni yox. Bəlkə də, əvvəl sevirmiş. Amma indi o sevgi yoxdur. O kimin üçün qara geyir, kimin üçün ağlayır? Bu ağlamaq mənim üçün isə mən ki, ölməmişəm, mənim başıma bir iş ki, gəlməmişdir. Bunu düşünüb evə yaxınlaşırdım, təkrar özümə sual verirdim: «Əcəba, məndə bu fikirlər haradan doğur!» Yenə də özüm sualın cavabını verirdim: «Bu qısqanmaqdan başqa bir şey deyildir. Mən ki bunun əleyhinə idim, mən bu barədə gənc qızla nə qədər mübahisə etmişdim. Doğrudan da, qız haqlı imiş. Kişilərdə qısqanmaq sağalmaz bir xəstəlik kimi imiş. Bir də mənim qısqanmağa nə haqqım var? Vaxtilə o məni sevirdi. Mənə hər bir səlahiyyəti vermişdi. Madam ki, mən ona qəti bir söz deməmişdim, madam ki, mən gənc qızı tərəddüddə buraxdım, madam ki, mən onun içərisindəki əziyyətlərini hiss edə-edə onu əyləndirmək istəmədim, onu tək buraxdım, daha qısqanmağa nə ixtiyarım vardır? Əcəba, qız bir nəfər tapıb onunla dərdləşə bilməzmi idi? Əcəba, gənc qıza ailə qurmaq, gələcəyini təmin etmək lazım gəlmirdimi? İndi ki, mən bunların hamısını təsdiq edirəm, daha gənc qızdan inciməyə haqqım yoxdur. Daha nə üçün qısqanıram?» Evə girərkən düşünürdüm. Qapı açıqdı. Təhminə xanımın evdə olduğunu belə unutmuşdum. Ürəyimdə yenə də gənc qızın kimlərlə tanış olması haqqında düşünür, gah inanır, gah da inanmırdım. Heç bir şey hiss etmədən öz-özümə ucadan dedim: – Ola bilməz! Bir səs eşitdim: – Oğlum, nələr ola bilməz?! Kimlə danışırsan? Bu səs Təhminə xanımın səsi idi. Çarpayının üzərində oturdum. Təhminə xanım yenə soruşdu: – Oğlum, kiminlə danışırdın? Cavab verdim: – İnsan çox düşündükdə xəyalpərəst olur. Ev üçün, qohumlarım üçün düşünürdüm. – Sən deyirdin ki, heç kəsin yoxdur. Bunu Ninaya da demişdin. Bilirəm ki, sən ona yalan deməzsən, çünki bir-birinizi sevirsiniz. – Doğru demişəm. İnsan bir-birini sevər, lakin bu sevgi də daimi deyil. İnsan bir-birini ata da bilər. Ancaq bunu aydın demək lazımdır. – Nə danışdığını bilmirəm. Allaha şükür, nə sən, nə də Nina bir-birinizi atan deyilsiniz. – Yox, Təhminə xanım. Bir həftədən bəridir ki, Ninanın tamamilə dəyişdiyini görürəm. O ağlayır, qara geyir, məni və uşağı evdə buraxıb gedir; bunların hamısı onun yeni bir hadisə, yeni bir sevgi macərası ilə məşğul olduğunu göstərir. Təhminə xanım mənə baxıb başını tərpətdi: – Kişilərdə bu cür şübhələr həmişə olur. Mənim rəhmətlik ərim də çox qısqanan adam idi. Hətta bir dəfə yuxumda danışdığımı eşidib məni yuxudan oyandırdı. Kimlə danışdığımı soruşdu. Danışdığım adamın kim olduğunu deyə bilmədim. «Ancaq kişi tayfası olduğunu bilirəm» dedim. Bunun üstündə məni döydü, hərgah yerli olsaydım, boşayacaq idi. Ölənə qədər o kişinin kim olduğunu soruşub məni incidərdi. «Sən kişi fikri ilə yatmasaydın, yuxuda kişilə danışmazdın», deyib mənə nifrət edərdi. Ondan sonra mən onda əvvəlki məhəbbəti görmədim. Oğlum, o zamandan çox keçir. Zaman dəyişibdir. İndinin kişiləri də dəyişməlidir. Heç sənə yaraşar ki, Nina kimi bir qızın haqqında belə şübhələrə yol verəsən? Mən Təhminə xanımın sözlərindən sonra özümə nifrət etməyə başladım. Nə qədər yanıldığımı təsdiq etdim. – Nina bir həftədən bəridir ki, dəyişmişdir, – deyə cavab verdim. – Mən sənə demək istəmirdim. Ninaya və ümumiyyətlə, onun düzəltdiyi firqə üzvlərinə unudulmaz və böyük bir müsibət üz verdi. – Necə müsibət? Nə olmuşdur? – Bir həftə bundan qabaq Maralan səngərlərinə başlamış hücumda qaradağlılar Ninanın firqə yoldaşlarından Hacıağa Əvəz oğlu və Dadaş Qulu oğlunu öldürmüşlər. Bu iş Ninaya və Həsənağaya çox ağır təsir etdi. O, çox ağladı. Bu gün onların həftəsi tamamdır. Onların qəbri üstünə getmişdilər. Nina da getmişdi. Yenə ağladı. İndi məsələni bildin ki? Get, heç vaxt şübhə-filan eləmə! Mən səhvimi anladım. Hələ yeni insanın tərbiyəsini tamamilə mənimsəyə bilmədiyimdən öz-özümə utandım. Gənc qızla danışdığım uzun-uzadı sözləri bir anda fikrimdən keçirdim. Eyni zamanda Ninanın kitabı arasında gördüyüm firqə biletləri gəlib gözümün qarşısında durdu. Hacıağa və Dadaşın firqə biletləri üstünə çəkilmiş qara xətləri bir daha gözümün qabağına gətirib: «Təbrizdə birinci firqə özəyinin birinci və qəhrəman qurbanlarına eşq olsun» – dedim. Anladım ki, gənc qız mənə ürəyini vermiş, lakin ürəyindəki əqidəsini öz ixtiyarında saxlamışdır; çünki o bu günə qədər mənim firqə üzvü olduğumu bilmirdi. * * * Son iclas Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi: – Doğrudan da, o nə söz idi dedin? – Nə söz? – «Yalnız qara köynək deyil, ləkələri gizlədən hər bir şeydə müsbət hal yoxdur». Bu nə deməkdir? Mən belə bilirəm ki, bizim həyatımız bu kimi fəlsəfələrin dövrünü çoxdan keçirmişdir. İndi biz hər sözü bir-birimizə aydıncasına deyə bilərik. Səmimi əlaqəni yaşatmaq üçün inanmaq lazımdır. Madam ki, inanmaq vardır, həyatdakı təfərrüatı axtarmaq səmimiyyətdan uzaqdır. Bizim danışacağımız mühüm məsələlər vardır. Şəxsi məsələlərin vaxtını uzada bilərik. Bu, sonraya qalsın. Sənə bir təzə xəbər verəcəyəm. – Nə kimi xəbər? – Məhəmmədəli şah, nəhayət, rus əsgərinin Təbrizi işğal etməsinə razı olmuşdur. – Doğrumu? – İngiltərə və Rusiya səfirləri şaha nota vermiş, notada avropalıların təhlükə altında olduqlarını göstərib Təbrizə rus qoşununun girməsini tələb etmişlərdir. Eyni zamanda Təbrizdə sakitlik bərpa edilən kimi qoşunların çıxarılmasını da əlavə etmişlər. – Mən bunu bilirdim. Sənə nə söyləmişdim. – Bəs ruslar indiyə qədər nə üçün Təbrizi işğal etməmişlər? – Onlar əvvəlcə inqilabın qələbəsinə inanmırdılar. Hazırda azad edilmiş şəhəri işğal etmək Təbriz inqilabının böyüklüyünü və çarın bu inqilaba nə qədər əhəmiyyət verdiyini aydıncasına göstərir. İslamiyyə təşkilatı dağılandan, əks-inqilab yuvası olan Dəvəçi məhəlləsi təslim olandan və bütün taxıl yolları açılandan sonra çar qoşununun Təbrizə girməsi inqilabın müvəffəqiyyətlərini göstərmirmi? – Şübhəsiz ki, Rusiya öz müstəmləkəsi olan Təbrizdə inqilabın qalib gəlməsinə razı olmayacaqdı. Sən bilirsən ki, konsul daima bu inqilabı dağıtmağa çalışırdı. O, əvvəlcə diplomatiya yolları ilə bizi dağıtmaq istəyirdi. Qafqaz sosial-demokratları buna yol vermədilər. Əcəba, sən erməni ruhanilərinin hiylələrini eşitmədinmi? Bütün bu macaranı idarə edən rus konsulluğu deyildimi? – Bu işlər, bəlkə də, mən Təbrizə gəlməzdən əvvəl olan işlərdir. Bu barədə heç bir şey bilmirəm. – Rus konsuluna verdiyi təlimat üzrə erməni ruhaniləri, erməni burjuaziyası ilə birlikdə ikinci Nikolaya sədaqət teleqramları göndərib inqilabda iştirak etməyəcəklərini bildirməli idilər. Digər tərəfdən konsul əncümləndəkilərdən bir çoxunu ələ alıb şahla Səttar xan arasında saziş yaratmağa çalışırdı. Bu barədə əncümən üzvlərindən bəziləri Səttar xan və Bağır xanı bu sazişə razı etmək üçün işləyirdilər. Lakin sosial-demokrat qrupu vaxtında işə müdaxilə edib konsulun bütün fırıldaqlarını nəticəsiz buraxdı. Burada çar siyasəti ilə tanış olan Bakı işçiləri daha da ciddi hərəkət etdilər. – Bakı işçilərinin burada nüfuzu vardırmı? – İran sosial-demokratları bunu lazımınca təqdir edirlər, çünki İran sosial-demokrat firqəsinin müəssisi Bakı işçiləri rəhbərlərindən olan Nəriman Nərimanovdur. İran inqilabı uğrunda yüzlərcə Zaqafqaziya işçisi qurban verilmişdir. – Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir, – deyə Nina bir ah çəkdi. – Heç bir şey məhv olmayacaqdır. Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alovlanacaqdır. – Onu mən görməyəcəyəm. – Nə üçün? – Çünki mən İranda qalmayacağam. – Nə üçün qalmayırsan? – Nə üçün və kimin üçün də qalım? İnqilabın boğulduğunu görməyəmi? Asılanların yasını bağlamağamı? İnqilab rəhbərlərinin zəlil və əsir halını görməkdən ötrümü? İnqilab yoxdur, mən də yoxam. Bir halda ki, sən də burada qalmayacaqsan. – Gənc qız! Sən yenə də əski dünyana qayıda bilməzmisən? – Çox çətin! Ora çox uzaqdır. Mən yeni dünyaya yeni duyğularla gəlmişəm. O duyğunun içərisində sən də varsan. Bir də mən mübarizəli həyata alışmışam. – Mübarizə etmək daim mümkündür. – Mübarizə hislərimi oyadan, məni bu nəşəli həyata dəvət edən qismən sənsən. Mən bu yolları tanıyırdım. Fəqət öyrənməmişdim. Bu ağır mübarizə, hətta ölüm qoxuyan mübarizəyə gülə-gülə girdim. Fəlakətin üzərindən nəşələr alaraq atılırdım. Buna səbəb sən idin. – Ümid edirəm ki, yenə də görüşəcəyik. Həyat imkan verərsə, yenə də bir yerdə oturub Təbrizin qəliz dumanları altında nəşələndiyimizi xatırlayacağıq. Nina bu sözdən sonra özünü saxlaya bilmədi, yataq otağına qaçdı. Mən də İnqilab Şurasına gedəcəkdim. * * * Mən İnqilab Şurasına getməzdən əvvəl evə gəldim. İngilis simi vasitəsilə Culfadan vurulmuş bir teleqram verdilər. Teleqram İran İnqilab Komitəsinin Culfa şöbəsi üzvlərindən Baxşəli ağa Şahtaxtlı tərəfindən vurulmuşdu. «Bu gün sərhəddən beş min çuval keçirib Təbrizə yola saldıq. Malları çuvallara doldurub özün də gələrsən». Bu teleqramdan beş min nəfər rus əsgərinin sərhədi keçdiyini anlamaq olurdu. Teleqramı da götürüb təcili surətdə İnqilab Şurasına gəldim. Burada fövqəladə bir şadlıq gördüm, çünki hökumət qoşunu çəkilib Sərdrud, Qaradağ yolları açılmışdı. Təbrizə yemək şeyləri sülh vaxtından artıq gəlirdi. Mən rusların sərhədi keçdiyini xəbər verib şurada şadlığı pozmağa cəsarət etmirdim. Lakin bunu mümkün olduqca tez demək lazım idi. Danışmaq üçün söz aldım. Orada oturan adamlar deyəcəyim sözlə çox maraqlanırdılar. Danışmağa başladım: – Gözlədiyimiz qorxu yaxınlaşır. Azad olmuş şəhərin küçələrində çar kazaklarının səsini eşitməyimizə çox az qalmışdır. Məhəmmədəli şah rus qoşununun Təbrizi işğal etməsinə razılıq vermişdir. Məclisi sükut bürümüşdü. Hamı bir-birinin üzünə baxırdı. İlk dəfə danışmağa cəsarət edən yox idi. Hətta çox adam bir söz demədən durub gedirdi. Oradakıların bir çoxu inqilabın qeydinə deyil, yalnız öz qeydinə qalırdı. Bir çoxunun simasında acizlik, qorxaqlıq, ikiüzlülük görünürdü. Bəziləri öz yanındakı ilə xısın-xısın danışırdı. – Ağa, bunun axırı necə olacaqdır? – deyə bir-birindən soruşurdu. Qəlyanların qəmişlərini ağızlarında tutmuş bir çox üzvlər quruyub qalmış, soyumuş və odu çoxdan sönmüş qəlyanı sümürürdü. Özünü itirməyənlər də vardı. Bunlar isə Səttar xan, bir də Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri idi. Danışıq başlanmışdı. Bir çoxları – dövlətlər buna razı olmazlar – deyə özləri belə inanmadığı halda bununla təsəlli tapmaq istəyirdi. Bəziləri – bütün dünyaya müraciət edərik, İnternasionala xəbər verərik – deyib məclisə müraciət edirdi. Hacı Mehdi ağa bu sözü bir neçə dəfə təkrar etdi. Mən yenə də söz aldım. – Xarici dövlətlərə və II İnternasionala müraciət etməyin heç bir zərəri yoxdur. Bunların hamısı çar Rusiyasının tarixi xəyanətini dünyalara bildirmək üçün bir vəsiqədir. Lakin bunların heç biri rusların Təbriz üzərinə başladığı hücumun qarşısını ala bilməz. Möhkəm müahidənamələrə görə rus hökumətinin İran işlərinə müdaxilə etmək səlahiyyəti vardır. Gülüstan müahidənaməsi hələ gücdə qalır. Bunlardan başqa, Rusiya–İngiltərə arasında bağlanmış 7-ci il müqavilənaməsi də buna müsaidə verir. Nüfuz məntəqəsinə bölünmüş İran, xüsusən Azərbaycan, Rusiya ixtiyarına buraxılmışdır. Rusiyanın baş ərkani-hərb miralayı Medvedyevin yazdığı əsərində Rusiyanın məqsədi tamamilə aydındır. Əsərdə deyilir ki, «İran barıt anbarına oxşayır. İndi o, qorxulu bir qonşu şəklini almışdır. Bu yer Rusiyanın yaxın qonşusudur. Gülüstan müahidənaməsi hələ gücdədir. Biz asayişi bərpa etmək üçün İranı işğal etməyə bundan da əlverişli vaxt bilmədik». Bütün bu vəsiqələr çar Rusiyasının İranı işğala hazırlaşdığını çoxdan bəri göstərirdi. Məclisdə səslər ucaldı: – Hazırda nə etməliyik? – dedilər. Mən yenə də sözə davam etdim: – Ruslar gəlir, onlar inqilaba rəhbərlik edənləri təqib edəcəkdir. Ruslar özləri də olmasa, onların tərəfindən Təbrizə təyin edilən hökumət silahları da istəyə bilər. Ruslar Qafqazdan gələn inqilabçıları da tələb edəcəklər. Könüllü gələnlər və sairələrin də tələb olunacağı mümkündür. Təbriz inqilabçıları çox ehtiyatlı davranmalıdırlar. Ruslar ən kiçik bir hadisədən belə istifadə edəcəklər. Xüsusən inqilabın baş rəhbərləri haqqında da dərin bir surətdə düşünməlidir. Onların müdafiəsi yolunda kütləvi tədbirlər görülməlidir. Zənnimcə, bu gün bizim son və tarixi iclasımızdır. Buna görə də indiyə qədər açıq danışmadığımız bir para sözləri danışmalıyıq. Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir, Təbriz inqilabının birinci səhnəsi qapanır. Biz inqilab zamanında o mübarizənin ciddi günlərində bizimlə yan-yana gedən bir çox inqilabçıları dişimizə vurduq. Çətin günlərdə evinə qapananlar da vardı. Səslər: – Şəxsiyyətə keçilməsin. – Mən şəxsiyyətdən danışmıram. Fəqət onu hər kəs bilməlidir ki, bəzən tək-tək şəxsiyyətlərin də inqilabda mühüm rolu olmuşdur. Qələbə günlərində, təşəbbüs inqilabçıların əlində olduğu zaman inqilaba qoşulmaq o qədər də çətin deyildi. Lakin inqilab fikirləri zirzəmilərə girdiyi zaman iş daha da çətinləşir. Belə bir gündə inqilabçı olanlar, belə bir gündə irtica qərargahına keçməyənlər həqiqi inqilabçılardır. Lakin təəssüflər olsun ki, bizimlə bir neçə aydan bəri üz-üzə oturub inqilabçılıqdan dəm vuranların bir çoxu çar himayəsinə girmək üçün vasitə aramaqdadırlar. Səslər: – Şəxsiyyətə keçilməsin. – Mən sözümü aydın deməliyəm: inqilabın qızıl bayrağı altında kölgələnən, «bunu bütün Şərqə aparacağam» deyənlərdən bir çoxu ruslar Təbrizə girəndə damına vurmaq üçün çar bayrağı da tikməkdə imiş. Bunların hamısı doğru. Bunları inqilab heç vaxt unutmayacaqdır. İnqilabçılara qarşı hər bir xırda çıxışa tarix böyük xəyanət kimi baxacaqdır. İndiyə qədər bizə yoldaşlıq edib hazırda əks-inqilab qərargahına keçənlərdən heç bir şey tələb etmirik. Getdilər, qoy getsinlər. Ancaq bizə düşmənçilik etməsinlər. Köhnə dostlarının ayağından çəkməsinlər. İnqilab ölməyir, o yalnız öz hərəkət məntəqəsini dəyişir. İnqilabın gücü mərkəzə köçürülür. Məclisdən bir çoxu durub getmişdi. Məclisdə qalanlar inqilabın ayrılmaz oğulları idi. Bir-birinin əlini sıxanlar, öpüşənlər, ayrılanlar, ağlayanlar da vardı. * * * Təbriz çar kazakları əlində Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi. Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər. Qulağım olduqca müxtəlif, lakin eyni zamanda olduqca yekrəng sözlər eşidirdi: – Allah imperatorun qılıncını kəskin eləsin. – Allah onun bircə oğlunu bizə çox görməsin. Bu əlvatın əlindən yaxamız qurtardı. – Biz bu cür deməmişdik, bu cür məşrutə bizə lazım deyildi. – Hamısı babi, hamısı Qafqazın əcamir, ovbaşı, lopu-potularıdır. – Ağa, qafqazlı hara, təbrizliyə köməyə gəldi hara?! – Başınıza and içirəm, inanın, bunların hamısı falşivədir. Bunların hamısı urusları məmləkətə gətirməkdən ötrü idi. Qaranlıq düşməyinə baxmayaraq, küçələrdə əcnəbi qadınları da görünürdü. Nazik əlbisələr geyib gəlin kimi bəzənmiş qadınlar, yəqin ki, çar ordusunu qarşılamağa gedirdilər. Yolda Tütünçüoğluna rast gəldim və: – Hara getmişdin? – soruşdum. Onun gözləri yaşardı. – Rus konsulxanasının yanına getmişdim, Oradakı qiyamətə tamaşa edirdim. – Nəyə tamaşa edirdin? – Konsulxanaya gedib-gələnlərə. – Kimləri gördün? – İslamiyyədə oturanları, əks-inqilabın əmmaməli rəhbərlərini, Təbrizdə oturub Peterburqa qulluq edən casus seyidləri. Bizimlə çiyin-çiyinə durub «yaşasın məşrutə!» deyənləri də gördüm. Məni yandıran da axırıncı vicdansızlardır. Mənim yolum konsulxana qarşısından idi, Tütünçüoğlunu da əldən buraxmadım, bir saat da olsa, onunla danışmağı, inqilabın ən inadkar bir qəhrəmanı olan bu vüqarlı, gənci eşitməyi qənimət bildim. – Gəl, gəl son saatımızı bir yerdə keçirək, – deyə Tütünçüoğlunun qolundan tutdum, sizi İranın inqilab tarixi də xatırlayacaqdır. Ancaq mənim bir arzum vardır ki, o da sizin əks-inqilaba atdığınız bombaların səsini bir daha eşitməkdən ibarətdir. Bu sözdən sonra Tütünçüoğlu məni qucaqladı, öpüşdük, ikimiz də ağladıq. Konsulxana qarşısına getməyimiz o qədər də qorxulu deyildi, çünki həm paltarımızı dəyişib ingilis konsulxanası işçilərinə məxsus paltarlar geyinmişdik, həm də hava qaranlıqlaşırdı. Konsulxanaya yaxın küçələrdə gediş-gəliş qeyri-adi bir şəkil almışdı. Burada çar bayrağı satmaq üçün kiçik bir dükan da açılmışdı. Bayraq almaq istəyənlər növbəyə durmuşdular. Bayraq satan uca səslə oxuyur: – Gəl başıva dönüm, – deyirdi, – al başıva dönüm. İmperator bayrağıdır, qapının zinətidir, kişinin qeyrətidir, qurtarır, sabaha bir dənə də qalmayacaqdır. Bu adam mənim diqqətimi cəlb etdi. Tütünçüoğlu bunu mənə tanıtmaq üçün dedi: – Bu haramzadanın misgər bazarı ağzında gəlin bəzəyi, cığ-cığa və başqa şeylər satan dükanı vardır, özü də mücahidlər siyahısındadır. Buradan keçdik, konsulxana qapısında, doğrudan da, bir qiyamət qopmuşdu. Bütün əks-inqilab rəhbərləri, casuslar, ikiüzlülər, çar himayəsinə keçib iranlıları qarət edənlər, seyidlər və mollalar hamısı burada idi. Buraya toplaşanlar bir neçə dəstəyə ayrılmışdılar. Hər dəstənin arasında bir nəfər durub əlindəki kağıza bir şey yazırdı. Bu adamın yanında böyük bir fənər qoyulmuşdu. Hər kəs irəli soxulub adını həmin kağıza yazdırmağa tələsirdi. – Ağa, bəndəni də yaz, – deyənlər həddindən artıqdı. Siyahını yazan məşhur əks-inqilabçı, çar konsulxanası casuslarından Hacı Mirməhəmməd gecpəz idi. Seyid tərlədiyindən onun əmmaməsini başqa birisi əlində saxlamışdı. Qardaşı Mirqurban da o biri dəstənin arasında durub rus himayəsinə keçmək istəyənlərin siyahısını tuturdu. Yenə də müxtəlif səslər eşidilirdi: – Ağa, cəddinə qurban olum, məni də o kağızcığaza qeyd elə. – Sən hələ səbir elə! – Nə üçün? Belə sənin ayağın altında ölüm, özün bilirsən, biz dədə-babadan konsulxanaya nökərçilik eləmişik. – Ağa, məşədi Nemət Qəzvinini də yazın. – Yazmışam. – İsfəhançıları da yazın. – Kiçik qardaşları yazılmayacaq. – Nə üçün? Qadanı alım, ağa! – Əncümən həyatində sinə vuranların adı bu siyahıya düşməz. – Ağa, bu nə iftiradır, sən bilirsən ki, mən də özbaşıma ora getməmişəm, məni göndəriblər getmişəm. – Sonra danışarıq. – Vasminci cənablarını da yazın. – Bu saat! – Hacı Səttar ağa Xamənəyi... – Yazılıb. – Gevgani. – Bu saat. – Xəyabani və əxəviləri... – O da gözüm üstə. – Fişəngçilər. – Olmaz! – Nə üçün? – Məşrutəyə fişəng satanlar islamın düşmənidir. – Yalançının cəddi özünə qənim olsun! – Kəs səsini cakəş! – Cakəşin səsi gəlir. – Dala çəkil, lifgirin birisi! – Gedə, kimə lifgir deyirsən? – Sənə! – Mənə? – Bənəmənə! Adlarını çar himayəsi cədvəlinə yazdıranlar möhürlərini də çıxardıb adlarının altına basırdılar. Bir çoxları yan və qoltuq ciblərini axtarıb möhürünü tapmadıqda böyük bir həyəcanla oğlunu və qardaşını səsləyərək deyirdi: – Məhməd ağa! Gedə, qaçaraq yüyür evə, möhürüm qələmdandadır, qələmdan da camaxatandadır. Orada olmasa rəfdədir, rəfdə də olmasa urusunun yanındakı taxçadakı mücrünün dalısındadır, tez ol, yüyür qoççum. Daha yubanma, o vaxt deyil, özünü öldür, məni qurtar! Buradan keçib başqa bir dəstəyə də rast gəldik. Bunu da Hacı Fərəc Sərrafın oğlu Mirzağa idarə edirdi. Biz artıq konsulun qapısına yaxınlaşmışdıq. Burada əks-inqilab rəhbərlərinin konsulxanaya toplandığını aydınca göstərən yüzlərcə məxmər palanlı eşşək saxlanmışdı. Bir azdan sonra əks-inqilabın ştabı olan «İslamiyyə» «qəhrəmanları» dışarı çıxdılar. Mollalar ağ əmmamələrini düzəldib ağ eşşəklərə səvar oldular. Dəvəçi məhəlləsi lotularından kababçı Həsən, Kazım Davatgəroğlu, qulağıkəsik Ələsgər və sairləri də ağaların üzəngilərini tutub uzunqulaqlara mindirirdilər. Ağalar yola düşdü, onların dalınca da qaragüruh salavat çəkib hərəkət etdi. Bunlar çar qoşununun istiqbalına gedirdilər. İnqilabçı Təbrizin müqəddəratını çar generalı Snarskinin əlinə tapşırmağa tələsirdilər. Biz durub baxırdıq, salavat səsi hələ eşidilməkdə idi. Biz qayıtdıqda bir piyada dəstə də Acı körpüsünə tərəf gedirdi. Qayıtmışdıq. İkimiz də düşünürdük. Mən birdən-birə Tütünçüoğluna müraciətlə Təbrizlə vidalaşacağımı söylədim. – Gəl bir az da öpüşək, əziz yoldaş, bəlkə, bir daha görüşmək mümkün olmadı. Biz Təbrizi tərk edirik. Təbriz indi bizim deyil, əks-inqilab əlindədir. İndi gərək bütün qüvvəmizi Tehranın alınmasına sərf edək. Öpüşdük, ayrıldıq. Küçəmizi dəyişdik. Mən gedirəm, fəqət Tütünçüoğlunun inqilab günlərindəki qəhrəmanlıqlarını nəzərimdə canlandıraraq gedirəm. Gecədir. Sakit küçələrlə gedirəm. Səs yox, səmir yox, inqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. Topların, bombaların yaylım atəşlərinin ninnisinə adət etmiş bu şəhər indi uyumaqdadır. Səs yoxdur, lakin döngədən-döngəyə keçdikcə xəfif xışıltılar eşidirdim. Ucan yaylasından əsən sərin külək söyüd ağaclarının boynunu qucaqlayıb yeni göyərmiş incə yarpaqların dodaqlarından öpür, onu nazlandırır, təbiətin ipək köynəyinin ruhoxşayıcı xışıltısını küçələrə dağıdırdı. Bu gecə Təbriz olduqca əsrarəngiz və qorxulu idi. Siyasi dumanların kəsif kürkünə girib bir tiryəki kimi nəşələr dünyasında üzən bu şəhər, minlərcə çar casuslarının, yerli xəfiyyələrin əlində idi. Tacir casus, mülkədar casus, molla casus, seyidlər casus. Casus olmayan yoxsul təbəqəyə gəldikdə, o da mədəniyyətsiz, düşüncəsiz dinçilərdən ibarət idi. Bu düşüncələr içərisində gəlib Ninanın evinə girdim. Ev sahibi Minasyan məni qarşıladı. O, Ninanın xəstələndiyini söylədi. Məni şiddətli bir həyəcan bürüdü, çünki mən yol üstündə idim, onun xəstələnməsi və mənim onu xəstə ikən buraxıb getməyim olduqca uyğunsuz bir vəziyyət törədəcəkdi. Minasyan qorxusundan dışarı çıxa bilmədiyini, daşnakların Xey və Urmi şəhərinə çəkildiklərini, orada olan erməni kəndlərində yaşamaq istədiklərini söylədi. O, erməni ruhanilərinin ermənilərə dəvətnamə göndərdiyini və onları general Snarskinin istiqbalına getməyə məcbur etmək istədiklərini də xəbər verdi. Otağa girərkən Ninanın yatdığını gördüm. Balaca Məcid dəsmal isladıb Ninanın başına qoymaq istəyirdi. – İndi mənim bütün ümidim o uşağadır, – deyə Nina qalxıb oturdu. Vaxt keçirdi, mən heç bir müqəddiməyə başlamadan Təbrizi buraxdığımızı Ninaya xəbər verməli idim. – Nina, inqilabın birinci dövrü bitdi, – deyə əlimi onun alnına qoyub hərarətini yoxladım. – Müvəqqəti olaraq dayanmış inqilabın hərəkat məntəqəsi indi mərkəzə köçür, hərbi İnqilab Şurası buraxıldı. Gizlin hərəkat üsuluna keçilməsi qərara alındı. Nina dərin bir sükuta daldı; o, yenə hər zaman təkrar etdiyi kimi: – Bilmirəm, axırımız necə olacaqdır, – deyib ağladı və başını çiynimə qoydu. Mən isə: – Səbir et, – dedim. – Ürəyin inqilabçı ürəyi olsun. Sən bir çox təhlükəli vəzifələr ifa edən, heç bir təhlükədən çəkinməyən Ninasan, bu müvəqqəti haldan da qorxmamalı, öz vüqarını pozmamalısan. Bu saat son görüş saatımız olsa da, zənnimcə, inqilab bizi yenə də görüşdürəcəkdir. Qız böyük bir heyrətlə: – Əcəba, biz yarın bir daha görüşməyəcəyizmi? – deyə dəlicəsinə soruşdu: – Son görüş üçün gəldim, Nina! – dedim. O, yenə də: – Sən Təbrizdə olmayacaqsanmı? – deyə soruşdu. – Xeyr, bu gün getməliyik. Yoldaşların hamısı gedir. – Hara? – İnqilabın tələb etdiyi yerə gələcəyəm. Gəlmədən əvvəl sənə məktub göndərəcəyəm, Rəştə getməli, oradan da Tehran üzərinə hücum edən dəstələrə qoşulmalıyıq. – Sən firqəçimisən? – deyə soruşduqda, mən: – Firqəçiyəm, – dedim. Bu sözlərdən sonra Nina boynuma sarıldı, dodaqlarım unudulmaz bir istilik hiss etdi. Ninanın evindən necə çıxdığımı bilmədim. Ancaq qoynumda olan bir dəstə rus parasını Məcidə verib qapıya doğru döndüyümü xatırlayıram. Bu gecə Səttar xan bir vida ziyafəti vermişdi. Ziyafətdə qafqazlılar və İran sosial-demokrat təşkilatının üzvləri iştirak edirdi. Səttar xan olduqca düşüncəli və kədərli idi. Qəlyanı-qəlyandan ayırmayırdı. Qəhrəmanın alnındakı dərin qırışlar çıxılmaz bir vəziyyət qarşısında qalan qəlbini ziyafətdəkilərə oxudurdu. Onun əymə və qövsi qaşları tez-tez qalxır, alnının biri digəri üzərindəki qırışıqları da kaman şəklini alaraq, qəhrəmanın intiqam hisləri bəslədiyini andırırdı, bütün çətinlikləri su kimi içən qəhrəman indi hər bir hərəkətində böyük çətinliklərə təsadüf etdiyini anladırdı. Məclisi sükut bürümüşdü, yalnız qəlyan tüstülərinə qoşulub, dərin ürəklərdən çıxan ahlar eşidilirdi. Heç kəs danışmırdı. Hamı Səttar xanı dinləmək istəyirdi. Qəhrəman danışdı, lakin çox az danışdı: – Bizim rusların qarşısına çıxmağımız, Təbrizi onlardan müdafiə etməyimiz çox da çətin deyil, hərgah mən bilsəydim ki, bizim çar ordusu ilə vuruşmağımız inqilabı müdafiə edəcək, hərgah ki, «İslamiyyə»də oturan namüctəhid, naseyidlər bizim ruslarla çıxaracağımız ixtilafdan qazanmayacaq, yenə də vuruşardım. Rəfiqlərim! Əziz silah yoldaşlarım! Bizim vuruşmağımız faydasızdır, çünki ixtilafdan əks-inqilab rəhbərləri fayda götürəcəkdir. Buna görə də biz inqilabda qalib gələn Təbrizi çar ordusuna tapşırmağa məcburuq. Lakin bununla bizim inqilabda qazandığımız qələbənin qiyməti azalmır. Biz qafqazlı yoldaşların inqilaba olan xidmətlərini, xüsusən Bakı işçilərinin köməyini, heç vaxt unuda bilməyəcəyik. Qafqazlı yoldaşlar, Bakı və Tiflis işçilərinə mənim salamımı aparın! Biz beşinci il inqilabının oğlunu böyüdəcəyik! Siz mənim dilimdən onlara söyləyin Səttarın inqilaba xəyanət etmədiyini, yenə də öz yolunda durduğunu onlara xəbər verin! Səttar xanın bugünkü çıxışı və qısa nitqi olduqca böyük təsir bağışladı. Uzun danışmağa vaxt olmadığından, Sərdarın cavabını qısa cümlələrlə verdim: – Biz Təbrizdən unudulmaz xatirələrlə ayrılırıq, bu xatirəni, xüsusən Sərdarın qəhrəmanlığından aldığımız təsirləri bütün Qafqaz işçiləri arasında yaymağa söz veririk. Bunsuz da Qafqaz işçiləri, xüsusən Bakı işçiləri İran inqilabına, cənab Sərdarın şəxsində olaraq tükənməz bir məhəbbət bəsləməkdədir. Bizim və bizi cənab Sərdarın mübarizləri cərgəsinə göndərənlərin İran kəndlisi və İran yoxsulları ilə olan qardaşlıq əlaqəsi daimi olaraq davam edəcəkdir, inqilab ordusunun dahisi və bütün İran yoxsullarının sevimlisi Səttar xanı inqilab dünyası durduqca unutmayacaqdır. Mənim sözlərimdən sonra Sərdar süfrə başında oturanları bir daha gözdən keçirərək dedi: – Burada oturan rəfiqlər inqilabın sınanmış üzvləridir. Yalançılar gəlməmişdir. Səttarın qapısının torpağından öpməyi özlərinə şərəf bilən yaltaqlar bu gün başqa qapıları döyməyə getmişlər. Ziyafət gecə saat birdə bitdi. Görüşdük, öpüşdük, bir-birimizə olan tapşınqları verdik. Yol üçün hər şey vaxtında hazırlanmışdı. Bizi Xoy şəhərinə qədər yola salmaq işinə məsul olan dörd nəfər də gəlib çıxdı. Səttar xanın evindən kiçik rus naqanlarını və əl bombalarını götürdük. Sərdar bizi küçə qapısına qədər yola saldı və: – İnqilabın həqiqi qəhrəmanları məndən ayrıldı, – dedi. Mən Sərdarın ziyafətindən çıxıb evə gəldim. Təhminə xanım və oğlu Həsənağa oturub məni gözləyirdilər, onlar haradansa mənim Təbrizdən getməyimi eşidib gəlmişdi. Mənzildə olan bütün şeyləri onlara bağışladım, vidalaşdım, Təhminə xanıma Ninanın yanına köçməsini tapşırdıqda, ana və bala Ninanın halına ağlamağa başladılar. Mən Həsənağaya müraciətlə siyasi dərnək üzvləri ilə məşğul olmalarını, onu genişləndirməyə çalışmalarını, sirlərini başqalarına verməmələrini tapşırdım. – Qorxmayın! – dedim, siz yenə qalib gələcəksiniz. Sizin fikriniz bütün dünya işçilərinin fikridir. Bir gün olacaq ki, Təbrizin birinci siyasi dərnəyində iştirak edənlərin heykəlini meydançalarda, bağlarda qoyacaqlar, inqilab cəbhəsində birinci bombanı atan iranlı sənsən və bir də Tütünçüoğludur. Bir-birinizdən ayrılmayın! Sonra Ninaya kiçik bir məktub yazdım: «Əziz yoldaşım! Hazırda köçmək üzrəyəm. Təhminə xanımdan sənin yanına köçməsini rica etdim, o da qəbul etdi. Təbrizdən çıxmamalısan. Yazışarıq. Bəlkə də, vəziyyət dəyişdi. Ona da ümid çoxdur. Yenə də Təbrizdə görüşərik. Balaca Məcidin üzündən öpürəm, kiçik məktubumda yazdığım kəlmələrin onun incə dodaqlarından çıxacağını xatırlayaraq təsəlli tapıram. Sənsiz gedirəm, fəqət səninlə gedirəm. Salamat qalın! Təbriz, 30 aprel 1909». Yolumuz Xoy şəhərinədir, oradan Şahtaxtı kəndinə, buradan da Araz çayını keçib Bakıya və Tiflisə getməli idik. Küçələrdə bir pişik belə yoxdur, ayrılmaz yoldaşlar qırılmaz zəncir halqaları kimi biri digərinin dalınca düzülüb gedir. Biz gedirdik, bir çox Qafqaz inqilabçılarının nişansız məzarı ilə vidalaşaraq gedirdik. Bir neçə ay bundan əvvəl çox idik, çox iş gördük, çox da itirdim, bir çox çalışqan və qəhrəman yoldaşlarımızı sıramızda görmədən gedirik. Mən küçənin bir tərəfində durub Təbrizdən gedən yoldaşları gözdən keçirdim və saydım. Vladimir Dumbadze yox, Valiko Baqradze yox, Sandro Veşaqori də cərgəmizdə deyil. Çıta Georgi Emoşvari, Petro Poçuvanaxvaladze, Puls da yoxdur. Biz sanki yoldaşlarımızın qəbri üzərində durmuşduq, hamı papağını götürdü. Bir daha yoldaşların nişansız məzarları ilə vidalaşaraq yola düşdük. Heç şübhə yoxdur ki, bütün yoldaşların qəmgin ürəyindən belə bir səs qalxmaq istəyirdi: Təbriz! Qoynuna aldığın bu ölməz simalar, bizi birinci çağırışda yenə də sənin yardımına cəlb edəcəkdir, onları yaxşı saxla! Bunların Eynəli, Zeynəli dağlarına yağdırdığı bombaların səsi əbədi olaraq İran əks-inqilabının qulağında cingildəyəcək, onların ürəklərini məhv oluncaya qədər yeyəcəkdir. Bunları yaxşı mühafizə et! Bunlar gənc Təbriz inqilabının qurbanlarıdır! Təbriz yatıb, coşqun inqilab da müvəqqəti bir sükuta dalmışdı. İranın birinci pioneri Məcid də uyumuşdu. Lakin gözünə yuxu getməyənlər də yox deyildi. Bütün İranı yerindən oynadan Səttar xan da, çay xəfiyyələrinin gözündən gizlənməyə müvəffəq olan Nina da gözlərini qapasa da, uyumamışdı. Son kərə dönüb Təbrizə baxdım, şəhər görünməyirdi. Təbriz yenə də qara bir xülya kimi qaranlıq və müəmmalı dumanların qoynuna girmişdi. Qulağımız «ura» səsləri eşitdi. Bu səs, şahzadə bağına girən çar ordu hissələrinin səsi idi. * * * Ninaya məktub «Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik: – Qafqaz mücahidləridir. – İçlərində müsəlmanlar da var. – Səttar xanın yoldaşlarıdır. – Bunların da evləri, bunların da ana-bacıları var. – Ağızlarına güllə vursan qayıtmazlar. – Heydər Əmioğlu gələn yerlərdən gəlmişlər. – Görəsən, nə üçün gəliblər? – Buranın mücahidləri ilə tanış olmağa gəliblər. Gözəl Ninam! İndi bizim olduğumuz bu şəhərdə çar nüfuzu yoxdur. Burada Təbrizin çar kazakları əlinə keçməsini bilmirlər. Ziyafətdən sonra şəhəri gəzməyə çıxdıq. Əvvəlcə bizə qalanı göstərdilər. Qala palçıqdan qayrılmış cəsim bir qaladır, hər tərəfdən su içərisindədir. Şəhərə körpü ilə keçilir. Qalanın üstündə əski İran topları qoyulmuşdur. Cəbbəxanaya getdik. Yeni və köhnə bir çox topları, rus, alman, fransız və ingilis tüfəngləri vardır. Biz bu silahların gizlədilməsi üçün yerli sosial-demokratlara təlimat verdik. Şəhər olduqca gözəl və səfalıdır. Qotur çayından çəkilmiş kanallar vasitəsilə şəhərin bütün küçələrindən sular axır; lakin bu qədər bol suya və yaşıllığa baxmayaraq, şəhər yenə də təmiz deyil, suların üstü açıqdır, hər kəs evindən süpürdüyü zibilləri evin qarşısından keçən suya tökür. Şəhərin qalasından çıxaraq Urmu şəhəri tərəfinə gedən yolun başlanğıcı geniş və uzun bir xiyabandır, lakin xiyaban başlı-başına buraxıldığından dağılmışdır. Şivən adlı məhəllə qaladan kənardadır. Buranın gözəl havası olduğuna baxmayaraq, məhəllədəki dabbağxananın üfunəti burada yaşamağa deyil, səyyahların keçməsinə belə imkan vermir. Burada da Təbrizdə olduğu kimi bəst vardır. Burada da iflas etmiş tacirlərin, canilərin və zalımlardan qaçanların hökumətdən qaçaq düşənlərin gizlənməsi adətdir. Bəsti ziyarət etdik, oranın mollaları bizə hörmət edərək içəri buraxdılar. Bu kağızı sənə yazdıqdan sonra yola düşəcəyik. Gedəcəyimiz yollar qorxuludur. Maku torpağından keçib Rusiya sahilində olan Şaxtaxtı kəndinə getməliyik, orada Araz çayını gizlincə keçib dəmiryolla Bakıya, Tiflisə yola düşəcəyik. Nina! Məşədi Kazım ağaya tapşırmışam, hərgah ehtiyacın olsa, ona müraciət et. Özünü konsulxanadakı haramzadalardan mühafizə etməyə çalış. Təhminə xanımı dinlə, Həsənağa və Tütünçüoğlunun paraya ehtiyacları olsa, onları təmin et. Bacın İraidanın yolu ilə getmə və onun məsləhətlərinə də qulaq asma. Bacardıqca ona təsir et, çünki konsulxana ondan istifadə etməyə çalışır, onu bir rüsvayçılıq və fəlakət gözləyir, onu qurtarmaq sənə mümkün olmasa belə, özünü fəlakətdən qoru. Çar konsulu onu öz siyahısında olan qızların cərgəsinə salmağa çalışır. Hamınıza salam. Balaca Məcidi öpürəm. 4 may 1909». * * * Ərəblər xanı Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir. Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik. Şiddətli yağışlar davam edirdi. Araz çayı daşıb sahilləri basmışdı. Kontrabandaçılar bu gecəni və sabah gündüzü Ərəblər kəndində qalmağı bizə məsləhət gördülər. Biz isə hər birimiz bir çayçı dükanında düşməyi məsləhət görmüşdük, tutulsaq, hamımız bir yerdə tutulmayaq, – deyə hərəmiz bir tərəfə dağılmışdıq. Mən Qulaməli adlı bir kişinin dükanında mənzil etmişdim. Dükan olduqca hisli, kirli, kəsafətli idi, burada nəfəs almaq belə mümkün deyil. Palçıqdan qayrılmış və üstünə həsir salınmış dar bir səkidə oturmuşduq. Yanımda Müslüm adlı gənc bir kontrabandaçı vardı. O mənə müraciətlə: – Siz də qandrabandçımısınız? – deyə sordu. – Xeyr, – deyə cavab verdim. – Qorxmayın, buradakıların hamısı bir peşədədir. – Olsun da, mənim heç bir şeyim yoxdur. – Qəlbin sınmasın, nigaran da qalma, çünki mən səni ilk dəfədir ki, görürəm. Ona görə də səni xəbərdar etmək istəyirəm. – Nədən? – Bu kəndə qandraband mal aparmaq üçün gələnlər kəndin xanının yanına gedib ondan razılıq almalıdırlar, yoxsa çaydan mal keçirməyə və bu kəndə gəlməyə kimsənin ixtiyarı yoxdur. – Xan kimdir? – deyə soruşduqda gənc cavab verdi: – Şükürpaşa xandır. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənənin əmisi oğlu. – O, çox varlıdırmı? – Varlıdır. Ərəblər kəndindən əlavə yenə də kəndləri var, qapısında donuzu əskikdir. Amma Murtuzaqulu xanla araları yoxdur, qanlıbıçaqdırlar. Maku xanının adamları burada dolana bilməz. Mən bu sözdən sonra bir az rahat olub çayı içməyə başladım. Hələ çayı içib qurtarmamışdım ki, yaşlı bir kişi içəri girərək soruşdu: – Qulaməli dayı, təzə qonağın neçə nəfərdir? – Bircə nəfərdir. Qalanlarını tanıyırsan. – Qonağın kimdir? – deyərək bir də soruşdu. Çayçı məni göstərərək: – Budur bax, bu əmioğludur, – dedi. Əlində ağac olan kişi mənə yanaşaraq: – Buyurun, qardaşoğlu, sizi cənab xan hüzuruna çağırır, – dedikdə məni heyrət götürdü. Öz-özümə «əcəba, bu haramzada məndən nə istəyir?» – dedim. Yanımdakı Müslüm qulağıma əyilib yavaşca dedi: – Qorxma, başqa şey ola bilməz. Səni qandrabandçı bilərək çağırmış, bir şey olarsa, biz buradayıq, xanın yanına gəlib danışarıq. Mən heç bir söz demədən qoca kişinin qabağına düşüb xanın evinə yollandım, kişinin əlindəki fanarın işığı ilə ayağımızı daşların üstünə qoyub palçıqlardan və küçələrdən keçirdik. Ara-sıra həmin kişi də: – Qardaşoğlu, buradan buyurun, – deyə palçıqsız yerləri göstərirdi. Xanın evinin ətrafındakı küçələr daşla döşənmişdi. Xanın qapısında müxtəlif vəzifələr ifa edən qulluqçular qaynaşırdı. Həyətdən həyətə keçdik. Həyətlərin hamısında sısqa göz bəbəkləri kimi saralmış fənərlər yanırdı. Balkona oxşayan bir yerə çıxdıq. İşıqlı bir dəhlizin qapısında durmağı mənə əmr etdilər, məni gətirən kişi də qapıda duran tüfəngliyə müraciətlə: – Bu qardaşoğlu xanın tələb etdiyi adamdır, – deyə məni ona təhvil verdi və qayıtdı. Tüfəngli qapıdan içəri girməkdə olan bir gəncə müraciətlə: – Xana ərz edərsiniz ki, buyurduğu adamı gətiriblər, – dedi və üzünü mənə tutub: – Deyəsən, burada bir az gözləməli olacaqsınız, çünki bu gün xan kef üstündədir. Bura xanın divanxanasıdır. Xan özü müqəssir olanların işinə baxır. – Müqəssir kimlərdir? – deyə soruşduqda o, cavab verdi: – Xanın itinə haydı, toyuğuna kiş, pişiyinə piş deyənlərdir. Xanın rəiyyətləridir, – bu sözləri tüfəngli adam irəli gəlib qulağıma dedi. Mən heç bir söz demədim. İçəridən gənc xidmətçi çıxaraq: – Ağa buyurunuz. Xan sizi hüzura istəyir. Xalçalarla döşənmiş bir dəhlizə girdik. Orada çıxarılmış ayaqqabıları görürkən, mən də batinkalarımı çıxardım. Böyük bir salona girdik. Pəncərənin qabağındakı döşəyin üstündə oturan xan özü idi. Salonun aşağı başında əlləri döşlərində olaraq bir neçə xidmətçi durmuşdu. Xanın bərabərində salınmış bir döşəyin üstündə də nazik qara əbaya bürünmüş bir zat oturmuşdu. Mən bunun xanın vəziri olduğunu sonradan öyrəndim. Xan ayağımdan başıma qədər məni süzdü və təxir göstərmədən: – Əyləşiniz, – dedi. Xanın bərabərində, pəncərənin o biri tərəfində salınmış bir döşək üstündə oturdum. Xan vəziri və bir də iki nəfər silahlı xidmətçisindən başqa hamının getməsinə icazə verdi. – Səfa gətirmisiniz, müzəyyən buyurmusunuz. Buyurun görək, haradan təşrif gətiribsiniz? – Cənab xan, Xoy şəhərindən gəlirəm, – deyə tez cavab verdim. – Şübhəsiz ki, ora da siz Təbrizdən təşrif aparmışdınız? Xanın bu sualından şübhələndim, onun bizi tanıdığını zənn etdim, gizlətməyərək doğrusunu söylədim. – Bəli, Təbrizdən Xoy şəhərinə, oradan da Ərəblər kəndinə gəlmişəm. – Xeyli xob! – dedi, – sizin daha Təbrizdə nə iş görüb, nə sənət sahibi olduğunuzu soruşmağa lüzum yoxdur. Bir məcburiyyət olmasaydı, siz yolunuzu bu qədər dəyişdirməz və uzaq salmazdınız, hər halda Təbrizlə Culfa arası bir o qədər də uzaq yol deyildir. Öz ayağımızla tələyə düşdüyümüzü hiss edir və təəccüblə xanın üzünə baxırdım. Xan da məni gözdən keçirirdi. Xan nazikbığlı, saralmış sısqa çöhrəli, saqqalı qırxılmış, 30–35 yaşlarında gödək bir adamdır. Xan müvəqqəti sükutu pozaraq dedi: – Mən qafqazlılara düşmən deyiləm. Qorxmayın, kimliyiniz mənə bəllidir. Mənim qayınatam Xoy şəhərinin sabiq hakimi və məşhur inqilab düşməni sayılan Əmir Tumandır, mən özüm şəxsən sizin hərəkətinizdən narazı deyiləm, çünki sizin hərəkətiniz mənim qanlı düşmənlərimin əleyhinədir. Mən bir söz demirdim, ancaq bir kərə: – Cənab xan ixtiyar sahibidir, – dedim. – Qorxmayın, burada sizə qorxu yoxdur. Maku xanının quldurları da bura gələ bilməz, özünüz də, yoldaşlarınız da xatircəm ola bilərsiniz. Lakin bu gecələr özünüzü Araz çayına vurub getməyinizə razı deyiləm, çünki su çox qorxuludur. Xeyli xob, indi buyurunuz şam süfrəsinə. Şam yeməyindən sonra xan qolunun altındakı yumşaq balışa söykənərək oturmuşdu. Bu halda iki manqal gətirildi. Manqalları gətirən iki gözəl uşaq bu dəfə iki padnosda firuzə başlı hoqqa və maşa gətirdilər. Xan: – Nəşələri hazırlayın! – dedi. Uşaqlar əvvəlcə tiryəkləri gümüş və firuzə düzülmüş maşaların ucu ilə qızarmış közə tutub yumşaltdılar, sonra hoqqaların deşiklərinə yapışdırdılar və hoqqanın yanından asılan gümüş iynə ilə tiryəkin üstündən basaraq, hoqqanın içərisinə kiçik bir deşik açdılar. Hoqqanın birisini Şükürpaşa xana, digərini isə onun vəziri Mirzə Cavad xana verdilər. Uşaqlar qızarmış odu maşa ilə götürüb tiryəkin üstünə tutdular. Onlar isə tüstünü sümürüb udmağa və burunlarının deşiyindən dışarı buraxmağa başladılar. Hər ikisinin tiryək dumanları arxasından işaran gözləri, gözəl uşaqların qırmızı oddan qızarmış çöhrəsinə dikilmişdi. Mən bir onlara, bir də uşaqlara baxırdım, onların böyüdülmüş fotolarının xanın odasında vurulduğunu xatırladım və bunların Şərq saraylarına məxsus sevimli uşaqlar olduğunu yəqin etdim. Birisinin adı Qüdrətulla xan, digərinin adı isə Nəsrulla xan idi. Xan tiryəki çəkməmişdən sərxoş idi, uşaqlar bir əlləri ilə hoqqalara od tutur, digər əlləri ilə isə ara-sıra süfrədəki şirnilərdən götürüb onların ağzına qoyurdular. Mənə də tiryək təklif etdilər. Adət etmədiyimi söylədim. Bir azdan sonra qapı açılıb üçüncü uşaq içəri girdi, əlində bir tar vardı. Xan: – Hüseynqulu xan, bir şey başla görək! – deyə əmr etdi. Hüseynqulu xan tarı kökləmədən və bir şey çalmazdan əvvəl xan üzünü yanındakı Qüdrətulla xana tutaraq oxumağa başladı: Aşiqi-ruyi-cəvani-xoşu nov xastəəm. Vəz xuda söhbəti-ura bedua xəstəəm. Aşiqi-rindü nəzərbazəmü miquyəm faş: Ta budani ki beçəndin hünər arəstəəm. Daha sonra xan barmağı ilə avizədəki şamlara xitabla oxudu: Xoş büsuz əz qəməş ey şəm ki imşəm mən həm Be həmin kar kəmər bəstəvü bərxastəəm. Xan farsca oxuduqdan sonra oxuduğunu tərcümə etdi: «Yeni böyüməyə başlayan gözəl cavanın çöhrəsinin aşiqiyəm. Mən onun söhbətinə, Allaha etdiyim dualar nəticəsində nail olmuşam. Rindəm və yalnız bir gözəlin üzünə baxmağa aşiq olduğumu gizlətməyirəm. Bununla da sən mənim nə qədər hünərlərə malik olduğumu bilməlisən. Ey şam, sən də öz qəmindən yandığın zaman, yaxşı yanmalısan, çünki mən də bu gecə yanmaq məqsədilə işə başlamışam». Hüseynqulu xan həm çalır, həm də oxuyurdu. İstər xan, istərsə onun vəziri Mirzə Cavad Hüseynqulu xana əmr verməklə müəyyən qəzəllər oxumasını və müəyyən musiqiləri çalmasını tövsiyə edirdilər. Nəşə son nöqtəsinə varırdı, xanın gözləri nə açıq, nə də qapalı idi, o, yatmaqla ayıqlıq arasındakı aləmlərdə dolaşırdı, gözlərini yenə də yarımçıq açdı, barmağı ilə otağın tavanına işarə edib oxudu: Çərx bərhəm zənəm ər qeyri-müradəm gərdəd Mən nə ənəm ki zəbuni kəşəm əz çərxi-fələk. «Əgər dünyanın çarxı mənim kefimcə hərəkət etməzsə, onu tərsinə çevirərəm. Mən fələyin cövründən qorxan adamlardan deyiləm». Onların həri ikisi danışırdı, lakin sözlərinin nə əvvəli vardı, nə də axırı. Xan gözünü açaraq: – Ağa, bəlkə, yatmaq istəyir? – dedi. Tiryək daha çəkilmirdi, indi yalnız onun nəşəsi ilə əylənirdilər. Gözəl uşaqlar da oturub onların əmrini gözləyirdi. Nəfəsim tiryəkin tüstüsündən darılırdı, dışarı çıxmaq istəyirdim. Tar da çalınmayırdı, çünki ən kiçik bir hərəkət onların nəşəsini pozacaq və tiryək çəkmək üçün sərf edilən zəhmət hədərə gedəcəkdi. Saatlarca oturdum. Mirzə Cavad xandan əvvəl ayıldı, vidalaşıb getdi, süfrə və sair şeylər də manqallar və hoqqalarla bərabər aparıldı. Qüdrətulla xan nəşələr içində üzməkdə olan xanın yanından qalxıb mənim yanıma gəldi və: – Ağa, buyura bilərsiniz, – deyərək qabağıma düşüb məni zəngin çarpayı qoyulmuş gözəl bir otağa gətirdi. Mən burada yatmalı idim. Oğlan: – Bəndəyə nisbət başqa bir əmriniz olsa, buyurunuz, – deyə məni rahatladıqdan sonra çıxıb getdi. Səhər tezdən qalxdıq. Yağış dayanmışdı, göy üzü aydın və safdı. Xanın xidmətçiləri Araz çayının da sakitləşdiyi xəbərini verdilər. Xan yuxudan çox tez durmuşdu. O bu gün divanxanada işlərə baxacağını söylədi. Çayı içdik, xanla bərabər qalxdıq, xanın divanxanası ilə maraqlanırdım, divanxanada iştirak etmək üçün müsaidə istədim. – Buyurunuz, məhkəmə işlərimizlə tanış olmağınız yaxşıdır, – deyə xan icazə verdi. Divanxana həyətinə çıxdıq. Balkonda bir çox kəndli durmuşdu, hamısı birdən xana baş əydi. Xan içəri girib döşəyinin üstündə əyləşdi. Vəziri Mirzə Cavad da dünən oturduğu yerdə oturub yeşikdən bir çox kağız çıxardı. Mən pəncərənin digər tərəfində əyləşdim. – Qafar Dursun oğlu! – deyə Mirzə Cavad səsləndi. Gənc bir kürdü içəri gətirdilər. Mirzə Cavad onun kağız üzərində yazılmış təqsirini oxuyur, xan sakitcəsinə dinləyirdi. «Qafar Dursun oğlu, Dizəcik sakini, Dudarlı kəndindən Cəfər ağanın qızını götürüb qaçmışdır. Atışmada Cəfər ağanın nökərlərindən Osmana güllə atıb öldürmüşdür». – Bu sözlərin hamısı doğrudurmu? – deyə xan Qafardan soruşdu. – Doğrudur, malım xanın canına qurban olsun! – Bunun nəyi vardır? – deyə xan Mirzə Cavada müraciət etdi. Mirzə Cavad yenə də kağıza baxdı. – Beş yüz qoyunu, səkkiz inəyi, dörd atı, on bir baş öküzü və bir qədər də xırda heyvanı vardır. Xan heç düşünmədən dedi: – İyirmi baş qoyun, bir inək güllədən ölmüş Osmanın uşaqlarına verməlidir. Əlli baş qoyun, bir at, iki inək də cəriməsidir. Aparın anbara salın və xanın qərarını adamlarına xəbər verin. Qafar qapıdan çıxdıqda ancaq bu sözləri dedi: – Canımız xanın yolunda qurbandır. İkinci müqəssir xanın rəiyyətlərindən Lelov adlı kürd idi. Mirzə Cavad bunun da təqsirnaməsini oxudu. «Çərşənbə axşamı mal naxırdan qayıtdıqda xanın qaşqa danası naxırdan ayrılıb Lelovun bostanına girmiş, o, qaşqa dananı ağacla vurub öldürmüş, dana bıçağa da gəlməmişdir». Mirzə Cavadın bu sözlərindən sonra xanın pozulmadığını görüb bir danadan ötrü qoca kəndlini cəzalandırmayacağına inandım. Bu halda xan danışdı: – Dananın əvəzinə bir öküzünü gətirin. Həyasızlığının cəzası da yüz çubuqdur. Cəza qərarını verdikdən sonra xan ayağa qalxdı və Mirzə Cavad xanla dışarı çıxdı, mən də onlarla çıxdım. Həyətdə kəndlini üzü üstündə yerə uzatmışdılar. Tumanını sıyırıb qıçalarına salmış və köynəyini də tamamilə də çıxarmışdılar. Bir nəfər onun başı, bir nəfər də ayaqları üstündə oturmuşdu. Çubuqlar işə düşdü. Kəndlinin bədəni bu çubuqlara davam gətirmədi, hələ ilk çubuqlardan sonra zolların yerində qan görünməyə başladı. Kəndli hərəkət edə bilməyir, yalnız yandırıcı bir səslə yalvarır və fəryad edirdi. Mən bu vəhşi mənzərəyə dözə bilmədim, əvvəlcə üzümü kənara tutdum; lakin dayana bilmədiyimi hiss etdikdə, xandan icazə alıb dışarı çıxdım. * * * Rusiya sahilində Araz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı. Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı. Biz Şahtaxtıda ikən Snarskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. Çay içdik, yemək yedik, eyni zamanda da dükanda danışılan söhbətlərlə də maraqlanırdıq. Onlar Səttar xandan, Təbriz inqilabından danışırdılar. Usta Baxşəli adlı birisi: – Bu gün eşitdim ki, Məhəmmədəli şahın ölüsünü dalına sarıyıblar, – dedikdə marağım artdı və ixtiyarsız olaraq: – Haradan eşitdin? – deyə sordum. – Məşədi Əli bəyə Bakıdan qəzet gəlibdir, – dedi. Göndərib qəzeti gətirdilər. «Kaspi» qəzeti idi. Oxudum: «Tehran. 13 iyul. Röyter agentliyinin verdiyi xəbərlərə görə Rusiya səfarətinə girmiş Məhəmmədəli şah özünü çox rahat hiss edir. Bəxtiyarilər bütün hökumət idarələrini əllərinə almışlar». Mən qəzeti oxuduqdan sonra fikrimi dəyişdim. Artıq Rəştə getmək, inqilab dəstələrinə qoşulub Tehran üzərinə yürüməyin vaxtı keçmişdi. Yoldaşlarla məsləhət etdikdən sonra mən Təbrizə qayıtmalı oldum. Yoldaşlarla vidalaşdım, çünki onlar saat üçdə Tiflisə yola düşəcəkdi, mən isə axşam saat yeddi qatarı ilə Naxçıvana, oradan da Culfaya gedəcəkdim. * * * Qatarımız Şahtaxtı stansiyasından şərqə doğru hərəkət etdikdə, günəş Maku dağlarının arxasından aşıb qərbə doğru enməkdə idi. Yumurta kimi ağaran Ararat dağını arxada buraxdıqca əski Naxçıvanın qara heykəli kimi duran İlanlı dağa yaxınlaşırdıq. Teymurləng cahangirliyinin yadigarı olan palçıq qalalar və onların içərisindən başını çıxarıb keçmişinə dalısını çevirən qırıq minarələr də batmaqda olan günəşin sarı pərdələrinə bürünərək qatarımızı qarşılayırdı. Ruzigar əsir və təpələrin qumlarını ölümə məhkum olmuş cahangirlik kitabının son vərəqləri kimi çevirirdi. Qırıq qala divarları, sınıq minarələr, təpənin üzərindən şimal yollarına gözünü dikən və şimaldan mərhəmətlər, medallar gözləyən xan evləri də vaqonun pəncərəsindən baxanlara Naxçıvanın Ehsan xan dövrünə aid dastanını oxuyurdu. Naxçıvanda çox durmadıq, düşənlər düşdü, Culfaya gedənlər isə mindi. Yenə də qatar hərəkət edərək, on dəqiqə keçmədən Araz çayı sahillərinə düşdü. Qatar beli qırılmış ilan kimi burulur, torpağın üstünə döşənmiş rayları qucaqlayaraq keçir və yoxuşlara dırmanarkən dərin nəfəs alırdı. Keçmişin minillik tarixini öz çürük gövdəsində daşıyan Vanqın kilsəsinin yanından keçib bütün varlığı ilə uyumaqda olan şəhərin xarabaları qarşısına yetişirdik. Sağımızda Araz çayının İran sahilində daş yığınlarının içərisindəki katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı. Qatarımız Culfaya gecə saat on birdə yetişdi. Stansiya qələbəlik idi. Gündüzləri isti və toz əlindən bayıra çıxa bilməyən Culfa xalqı gecələri stansiyaya toplaşıb dincəlir və sərinlənirdi. Mehmanxana işçiləri vağzalda müsafirləri qarşılayır və öz təmiz odalarını təklif edirdilər. Mən «Fransa» otelinə getdim. Bura Culfada birinci otel sayılmaqdadır, təmiz və mədənidir. Oteldə böyük qələbəlik nəzərə çarpırdı. Odaların bir çoxu Snarski ordusunun zabitləri tərəfindən işğal edilmişdi. Kiçik bir odada yer verdilər, üst paltarımı dəyişib yemək üçün otelin yay salonu olan balkona çıxdım. Masalar tutulmuşdu, zabitlər, müsafirlər, yerli tacirlər, İran Culfasından keçən hökumət məmurlarının hamısı şam yeməyində idi. Mən öz odamın pəncərəsi qarşısında qoyulan kiçik masanın başında oturdum. Gödəkboylu, sallaqbığlı, üzü qırxılmış dolu bir erməni mənə yanaşaraq: – Nə buyuracaqsınız? – deyə soruşdu. Türkcə danışırdı. Mən yemək sifariş etdim, sonra onun otel sahibi Qriqor ağa olduğunu bildim. Birdən dəhlizdə səs-küy qopdu. Bir nəfər farsla mehmanxana xidmətçisi savaşırdı. Sonradan məlum oldu ki, fars, Ələmdar hakimi İqbal Nizamdır. O, əxlaqsız qadınların sərxoş olaraq haqq-hesabını verməkdən boyun qaçırmış və əlavə olaraq bilməyərəkdən üz dəsmalını şalvarı ilə bərabər əyninə geymişdir. Xidmətçi üz dəsmalını onun şalvarından çıxarıb təhqir etdiyi üçün hakim acıqlanmışdır. Mən oturan masa ilə yanaşı qoyulan masada dörd nəfər oturmuşdu. Etdikləri söhbətdən tacir olduqları görünürdü. Bunların kim olduqları ilə maraqlanırdım. Mən adlarını eşidib uzaqdan tanış olduğum bir neçə adamı da Culfada tapmalı idim, çünki bunları tapmadan və İran pasportu düzəltmədən İrana getmək mümkün olmayacaqdı. Nə yediyimi, nə də içdiyimi bilmirdim. Bu adamlar sanki mənim axtardığım adamlar idi. Masanı taqqıldatdım, yenə də otel sahibi yanaşdı, təzə xiyar istədim, eyni zamanda qonşu masada oturanları soruşdum. – Şeyxov Nəsrulla, Baxşəli ağa Şahtaxtlı, Ağa Məhəmmədhüseyn Hacıyev, bir də Səttar Zeynalabdinovdur, Culfa tacirləridir, – deyə cavab verdi. Mən sevindim, bu təsadüfün qayət əlverişli bir təsadüf olduğuna inandım və nə danışdıqlarını bilmək üçün onları dinlədim. – Biz nə edə bilərdik? Vaxta ki, Təbrizdə pozğunluq üz verirdi, bir halətdə ki, camaat sel kimi axıb rus himayəsinə gedirdi, bir zamanda ki, inqilabçı Təbriz öz mücahidlərini, öz rəhbərlərini, hətta bir ovuc Qafqaz inqilabçılarını müdafiədə aciz idi, onda biz nə kimi yardım verə bilərdik? Bunun Şeyxov olduğuna şübhə yox idi, Nina da vaxtilə bununla görüşüb onun qarabəniz, yoğun bir adam olduğunu mənə söyləmişdi. Arıq, beli bükülmüş, fəqət olduqca sevincli bir simaya malik ikincisi əlindəki şərabı içib yerə qoyduqda: «Ey əcəl, mənim fəryadıma yetiş, bu dirilik məni həlak etmək istəyir» – məzmunlu bir şeir oxudu. Bu da, şübhəsiz ki, qoca inqilabçı Hacıyev idi. Üçüncüsü ucaboylu, qırmızıüzlü, olduqca görkəmli bir zat idi. Bu da Baxşəli ağa Şaxtaxtlı olacaq idi. Bu adam içməyirdi, daima papiros çəkir və dişini sümürürdü, bunun üçün şərab yerinə buzlu ayran hazırlamışdılar. Dördüncüsü arıq, uzun, xırdagözlü bir kişi idi. Bu da Səttar Zeynalabdinov idi. Təbrizin Qafqazdan gözlədiyi yardım, ancaq bunların vasitəsilə mümkün olur və bunlar Culfa inqilabçılarının qabaqda gedənləri idi. Görünür ki, onlar çoxdan oturmuşdu, gedəcəkdilər, sonra onları tapmaq mümkün olmayacaqdı. Kiçik bir məktub yazıb Şeyxova göndərdim. «Cümşüd cənabları ilə görüşmək istərdim». Şeyxov «Cümşüd» kəlməsini oxuduqda təəccüb etdi, çünki bu ad onun inqilabi hərəkatda daşıdığı gizlin ad idi. O, mütəfəkkir və qara gözlərini mənə çevirdi və heç bir söz söyləmədən məktubun cavabını yazdı. «Evimiz klubun dalısındadır. Klubu soruşsanız, nişan verərlər. Sabah saat ikidə gözləyəcəyəm». Mən ancaq bu məktubu aldıqdan sonra rahat yeməyə başladım. Onların da asta və gizlin söhbətləri başladı. Heç şübhə yoxdur ki, mənim barəmdə danışırdılar. Onlar başları ilə vidalaşaraq getdilər. Mənim üçün yeni çıxmış Ələmdar qovunu gətirmişdilər. Hələ qovundan yeməmişdim, saat ikiyə işləyirdi, birdən uzun dəhlizdə çar zabitlərinin hay-küyü başlandı. Bir çox iranlı və yerli tacirlər qaçıb getdi, qadınlar da həyət qapısından çıxıb başqa mehmanxanalara qaçırdılar. Zabitlərdən bir neçəsi xidmətçiləri döyüb, qadın tələb etmişdilər. Qadın gətirilmişdi, lakin zabitlərin hamısına qadın yetişmədiyindən dalaşmağa başlamışdılar. Culfanın hər tərəfindən toplanmış 15 nəfərə qədər əxlaqsız qadın dəhlizin bir başında saxlanmışdı, zabitlər isə qılınclarını çəkib yenə də qadın tələb edirdilər. – «Day babu!» – deyərək xidmətçiləri hədələyirdilər. Qadınlar qorxularından nə edəcəklərini bilmirdilər. Otel sahibi qadınını götürüb qaçmışdı. Zabitlərdən birisi dördüncü otağın qapısına qılıncla vurub: – Burada qadın var, – deyə qışqırırdı. Xidmətçi: – Buradakı qız, Amerika Xeyriyyə Cəmiyyətinin üzvlərindəndir, o Təbrizə gedir, – dedikdə zabit qüvvətli bir təkanla qapını açdı. Otaqdan dəhşətli bir qışqırıq eşidildi, bir azdan sonra gecə paltarında olan gənc bir qızı dəhlizə çəkdilər. Saçları dağınıq qız qorxusundan tir-tir titrəyirdi. O, gah almanca, gah ingiliscə yalvarırdısa da, sözünü eşidən yoxdu. Çar zabitlərinin qafasında iki şey hökm sürürdü: şəhvət və şərab. Zabitin birisi namusu vəhşilər əlində olan amerikalı qıza arası kəsilmədən nitq söyləyir və deyirdi: – Biz çarın yolunda Şərqə gedirik. Kim bilir, bəlkə, salamat qayıtmadıq. Xanım qız, siz mədəni bir qızsınız, bilməlisiniz ki, sizi özümüzə həmişəlik mal etmirik, bir gecə qalıb gedənlərdənik. Siz heç də təlaş etməyin, biz mədəni və ziyalı adamlarıq, çar zabitləriyik. Qıza yardım etmək lazımdı, lakin müdaxiləyə cəsarət etmirdim. Pasportum vardı, canımdan qorxurdum, çünki qılınclar və boş butulkalar kəsməyə və əzməyə baş arayırdı. Onların sırasında ayıq olanları da vardı, lakin onlar da – qadın ver, – deyə qışqıranların səsinə səs verirdi. Mən yüksək rütbəli 40–45 yaşlarında bir zabitə yanaşdım. O məni başdan-ayağa qədər gözdən keçirdi və yanında bir avropalı durduğunu hiss edincə: – Nə istəyirsiniz? – dedi. Mən: – Sizə bir neçə söz demək istərdim, – dedim. – Buyurun, – deyə cavab verdi. – Siz Şərqə gedirsiniz, bura da Şərqin girəcəyidir. Siz İrana böyük Rusiya mədəniyyəti aparmaq və orada sülh səlaməti bərpa etmək üçün gedirsiniz, siz bu iddia ilə də başqa bir hökumətin torpağına daxil olmaqdasınız. Əlbəttə, sizin bu rəftarınız imperator hökumətinin təqib etdiyi sülh siyasətinin əleyhinədir, əcəba, siz bunu nəzərə almırsınızmı? Yüksək rütbəli zabit sözlərimdən ayılan kimi oldu. – Siz iranlımısınız? – deyə soruşdu. – Xeyr, qafqazlıyam, çar təbəəsiyəm, bunun üçün də ordumuzun əsgəri namusunu ləkələyəcək hərəkətləri gördükdə utanıram, – dedikdə o, əllərini çiynimə qoyaraq dedi: – Elədir! Namusunuzu təqdir edirəm, fəqət qız da gəncdir, gözəldir, onlar bunu buraxmaq istəməyəcəkdir. Mən bunların qarşısına keçəcəyəm, siz qızı buradan rədd ediniz, sizdən çox razıyam. Qız mənim zabitlə danışdığımı görərək ağladı və anlamadığım bir dildə danışmağa başladı. Mən onun sözlərini anlamasam da, hər halda mənə yalvardığını və yardım istədiyini hiss edirdim. Qızın qolundan tutub odama çəkdim, kiçik əl çamadanımı alaraq qızla bərabər pəncərədən balkona düşərək dal qapıdan küçəyə çıxdıq. Qapıda duran faytona oturub birbaş «Oriant» otelinə hərəkət etdik. Burada Ələkbər yoldaşa təsadüf etdikdə çox sevindim, o da mənim və yoldaşlarımın Təbrizdən salamat qurtardığımızı və rusların əlinə düşmədiyimizi eşitdikdə şad oldu. Qız gecə paltarında idi, tez bir adam göndərib qızın şeylərini «Fransa» otelindən gətirtdim. Qızı danışdırmağı, onu təskin etməyi bacarmırdım. Qızın müxtəlif Avropa dillərində mənə təşəkkür etdiyini hiss edirdim, lakin nə bir şey anlayır və nə də anlada bilirdim. Nəhayət o: – Zəbani farsira midanid? – deyə farsca danışmağa başladı. Mən təəccüblə ona baxdım və: – Kəm-kəm hərf mizənəm, – deyə cavab verdim. Məni heyrət bürümüşdü. Əcəba, bu gənc qız farscanı harada öyrənmişdi, kim idi və haraya gedəcəkdi? Anladığım bir dildə danışması məni çıxılmaz vəziyyətdən qurtardı. – Farsca haradan öyrəndiniz? – deyə sordum. – Nyu-Yorkda Şərq lisanları fakültəsini bitirmişəm, atam da şərqşünasdır. – İngilismisiniz? – Xeyr, Amerika almanlarındanam. – İrana nə üçün gedirsiniz? – Bizim xeyriyyə və elmi-tədqiqat işlərində çalışan heyətimiz Cənubi İrandan Təbrizə gəlmişdir. Mən də heyətin sədri sifəti ilə Amerikadan gəlib Təbrizə getməliyəm. – Heyətinizin əsas vəzifəsi nə olacaqdır? – Təriqət və adətləri öyrənmək, xəstələrə, zərərdidələrə yardım etmək, insaniyyətə xidmət göstərmək kimi işlər üçün gedirik. – Əqidə və təriqətləri öyrəndikdə siyasi məsələləri də öyrənəcəkmisiniz? – Xeyr, siyasi məsələlərə qarışmaq vəzifəmizə daxil deyildir. Səyahətimiz elmi və xeyriyyə məqsədlərini daşıyır. – Çox gözəl, indi siz özünüzü bir az rahat hiss edirsinizmi? Çox təəssüf edirəm ki, əxlaqsız zabitlər sizi narahat etdi. – Doğrudur, bu gecə onların qorxusundan mən dışarı belə çıxa bilməmişdim. Mən sizin bugecəki xidmətinizin əvəzində, şübhəsiz ki, sizə dəyərli bir xidmətdə buluna bilməyəcəyəm, lakin əmin ola bilərsiniz ki, bunu ölüncəyə qədər unutmayacağam. – Elə mühüm bir xidmətdə bulunmadım. Bu xidməti hər bir vicdanlı kişi yerinə yetirməli idi. Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi, – dedim. Qız bu sözlərimə qarşı bir daha təşəkkür etdi. Əsəblərim qarışdığından yata bilməyəcəkdim. Ələkbər yoldaş yemək sifariş vermiş və kiçik balkonda süfrə açdırmışdı. Qıza da yemək təklif etdik: – Buyurun, siz də bizimlə süfrədə iştirak edin. – Məmnuniyyətlə iştirak edərəm. Doğrusu, qorxumdan odanın qapısını açıb şam yeməyinə çıxa bilməmişdim, – deyə qız süfrəyə oturdu. Yemək yeyərkən məndən soruşdu: – Siz qafqazlımısınız? – Xeyr, iranlıyam, – deyə özümü tanıtmaq istəmədim. – Nə iş görürsünüz? – Xəsarətə uğramış bir tacirəm. Nə etməli, inqilab baş vermiş bir ölkədə zərər çəkməmək mümkün deyildir. – Təbrizəmi gedirsiniz? – Təbrizə gedirəm. – Yenə də qazanarsınız. Mən sizi Amerika ticarət müəssisələri ilə tanış edərəm, bu mümkündür, lakin biz bir süfrə başında oturduğumuza baxmayaraq, tanış olmağı unutmuşuq. Bu sözdən sonra mən əlimi qıza uzatdım, o da nazik əlini mənə uzadaraq sıxdı və dedi: – Miss Hanna. Qızın həyəcanı hələ də sakit olmamışdı, əlini əlimə aldıqda barmaqlarının hələ də xəfif-xəfif titrədiyini hiss etdim. O, həyatını təhlükədən qurtardığım üçün bir daha təşəkkür etdi. Söhbətimiz səhər saat dördə qədər uzandı. Saat dörddə qız öz odasına, Ələkbər yoldaşla mən də öz odamıza çəkildik. Səhər saat doqquzda yenə də çığırtı eşitdik, səs yenə də zabit səsi idi, yata bilmədik, bütün-müsafirlərlə bərabər biz də geyinib dəhlizə çıxdıq. Zabitin biri gecə paltarında idi, başqa zabitlər də onun ətrafına toplanıb nə hadisə üz verdiyi barəsində soruşurdular. Gecə paltarında olan zabit haraya gəlmiş otel sahibinin yaxasından tutub: – Qadın məni soymuşdur, onu bir saatda mənə verməlisən! – deyə onu silkələyir və söyürdü. Otel sahibi, gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, zabit dar dəhlizin divarına dəyib doğruldu. Zabitlər isə hər tərəfdən: – Ey, əllərini yerində saxla! – deyərək gürcünü hədələdilər. Dmitri həmin zabitə yanaşaraq dedi: – Mən sənə dedim ki, mehmanxanaya dışarıdan naməlum qadınları gətirmək yaramaz. Onlar sizin kimi axmaqları soymaq üçün Culfaya toplanmışlar. Amma sən, «mən özüm məsulam» deyə qulaq asmadın. İndi isə qadını məndən istəyirsən, mən səhərə qədər onu güdəcəkmi idim? Zabit onu vurdu, Dmitri orada toplanmış gürcü xidmətçilərə və dəmiryol işçilərinə işarə elədi. Gürcülər orada olan dörd çar zabitini yalvarıncaya qədər döydülər. Zabitləri onların əlindən aldıqdan sonra oğurlanan şeyləri axtarmaq qərara alındı. Otaqların çoxunda qadın olduğu üçün odaları axtarmaq lazım gəldi. Növbə yenə də amerikalı qızın odasına yetişdi, qız qorxusundan qapını açmayırdı. Mən onu səsləyərək: – Miss, qorxmayın. Qapını açın, mən burdayam, – dedikdən sonra qız qapını açdı. Zabit ona baxdıqda o, yenə titrəyir və axşamkı hadisəni xatırlayırdı. Sərxoşluqdan ayılmamış, sifəti boş tuluq şəkli almış, gözləri şişmiş zabit, başı titrəyə-titrəyə qıza baxaraq: – Net, ne ona, – deyə geri qayıtdı. Mən isə qıza müraciətlə: – Qorxulu bir şey yoxdur, rahat olunuz, – dedim. – Daha yatmaq istəməyirəm, tez bircə İrana gedə bilsəydim, bu qorxudan xilas olardım, – deyə qız narahatlığını bildirdi. – Heç bir qorxu yoxdur. Əmin olunuz, biz var ikən sizə heç bir hadisə üz verə bilməz. Bu kimi hadisələrə gəldikdə İran sahilində daha artıqdır. Çar zabitləri İranda da azad hərəkət edirlər. Yıxandıq, geyindik. Qız isə odasında zərif və ağ ipəkdən qayət nəfis və incə bir paltar geydikdən sonra çay masasının başında oturdu. Otel sahibi bizə yanaşaraq, dedi: – Sizin rahatsız olmağınıza razı olmazdım, lakin nə etməli. Bir neçə gündən bəri bütün Culfa bu vəziyyətdədir. Bizim otel hər yerdən salamatdır. Bizdən qorxurlar. Məhz onları döymək və qorxutmaq üçün dəmiryolunda işləyən qüvvətli gürcüləri burada yedirib saxlayıram. Başqa otellərdə belə deyildir. İngilis otelinin qabyuyan qadınını, otel sahibinin qadınını zorlamışlar. «Mıqri» oteli müdirinin baş-gözünü dağıtmışlar. «Fransa» otelinin sahibi Qriqor ağa Franqulov da axşamdan öz arvadını götürüb bura qaçmışdır. Bunların öhdəsindən ancaq elə qadınlar gələ bilər. Üç min manat pulla bir qızıl saatını çalıb getmişdir. Belə adamlar rus və İran Culfasında yüzlərcədir. Axşamdan ona xəbər vermişdim, mənə qulaq asmadı. Yanında olan qiymətli şeylərini də kassaya qoymaq üçün istədikdə, «heç bir şeyim yoxdur» deyə acıqlı cavab vermişdi, indi isə cavabını aldı. Çay və səhər yeməyimiz bitdi. Mən saat ikidə Şeyxovla görüşmək üçün gedəcəkdim. Bunu Ələkbər yoldaşa da bildirdim, bir yerdə getməli olduq. Qızı otel müdiri Dmitriyə tapşırdım. Qız özü belə bir təklifdə bulunmuşdu. Saat üçdə yenə burada görüşəcəyimizi qərara aldıq. O, odasına qapandı, mən də Ələkbər yoldaşla oteldən çıxdım. * * * Şeyxovun evinə girərkən axşam oteldə təsadüf etdiyim dörd nəfəri orada gördüm. Görüşüb tanış olduq. Nahardan sonra söhbətə başladıq, onlar mənim Təbrizə qayıtmağımı, qorxulu bir iş olsa da, məsləhət gördülər, çünki Təbrizdə ruh düşkünlüyü gündən-günə artdı. Şeyxov Hacı Əli davafürüşdan aldığı məktubu oxumağa başladı: «Ruslar öz işlərinə başladılar. Bu gün qafqazlılardan «Molla Nəsrəddin» məcmuəsi redaktorunun qardaşı Mirzə Ələkbər Məmmədquluzadəni, bir də Hacı Mirzə Ələsgər Qarabağlını həbs etdilər. Ruh düşkünlüyü başlayır, heç olmazsa, mütərəddidləri qorxuzmaq, çar himayəsini qəbul edənlərin qarşısını almaq üçün gizli bir cəmiyyət düzəldilməlidir». Hacı Əlinin uzun məktubu başdan-başa bu kimi sözlərdən ibarət idi. Buna görə də mənim Təbrizə getməyimi və orada gizli cəmiyyətin fəaliyyətini canlandırmağı lazım gördülər. Mənim pasport məsələm də müzakirə edildi. Rus pasportu ilə İranda yaşamağın mümkün olmadığını təsdiq etdikdən sonra Şeyxov pasport məsələsini özü həll edəcəyini söylədi və: – Sabah siz hazırlanmış İran pasportunu məndən alacaqsınız, – deyə söz verdi. Ələkbər yoldaş da mənimlə bərabər Təbrizə getməli oldu. Culfada bir çoxları ilə tanış olmaq üçün Şeyxovla bərabər çıxdıq. Tanış olduğum adamların hamısı tacir və ziyalılardı: Nağı İsmayılov, Ələsgər Həsənzadə, Əsgər Nağızadə, Mirzə İbrahim Əkbərov, Seyid Məhəmməd Barar, Mirzə Əli Məhəmmədzadə (keçəl), Ağarza Mahmudov, Hacı Abbas Hacı Fərzəli oğlu, Molla Həsən Məhəmmədov (İran inqilabçılarından), Məhəmməd Axundov, Ağahüseyn Rəhimov, Abbas Tağıyev, Abbas Fəratov və sairələri idi. Şeyxov məni bunlarla tanış etdikdə: – Rəhmətlik qardaşım Fərəcullanın məktəb yoldaşıdır, – deyə təqdim edirdi. Bir neçə erməni ilə, o cümlədən neft taciri Aleksan ağa Şamxalov, daşnaklardan culfalı Arsen Artarov və sairələri ilə də tanış oldum. Ermənilər çox mehribanlıq göstərir və bəziləri öz xidmətlərini təklif edirdi. Biz küçəyə çıxdıqda Snarski ordusunun araba karvanları Araz körpüsünə doğru irəliləyirdi, bunları gördükdə Şeyxov dedi: – Hələ İrana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişlər. Ticarət malları hərbi arabalara qoşulub İrana aparılır, kimsənin də dinməyə haqqı yoxdur. Ələkbər yoldaş da cavab verdi: – Məktubların üzərində də «Təbriz İran quberniyası» yazılır. Çox dolaşdıq. Miss Hannaya vəd verdiyim vaxtdan bir az keçmişdi. «Oriant» otelinə qayıtdıq. Dmitri bizi qarşılayıb: – Qız qorxusundan qapıları qapayıb indiyə qədər dışarıya belə çıxmamışdır, – dedi. – Haqqı da var. Çar zabiti ilə zarafat olmaz, – deyə cavab verdim. Qapını taqqıldatdım. O, içəridən ingiliscə cavab verdi. Mən onu farsca səslədim. Qapını tələsik açdı. O, çoxdan arzuladığı bir şeyi əldə etmiş kimi sevindi. O, zəngin paltarlar geymiş, saçlarını səliqə ilə daramış, qiymətli ətirlər səpmiş, gecənin qorxusundan silkinmiş və sanki bütün gözəlliyi ilə bir ziyafətə getməyə hazırlanmışdı. Onu Şeyxovla tanış etdim. Şeyxov mənimlə əylənərək: – Bu qız sizə Ninanı unutduracaq, – deyə güldü. Qız nahar etməmişdi, buna görə də biz Şeyxovun evində nahar yediyimizi gizləyərək, nahar sifariş verdik. Günəş qərbə doğru əyildiyindən həyətə baxan balkon çox sərin idi. Nahar masasını burada düzəltdilər. Heç gözlənilmədən Əmir Həşmət, İran inqilabçılarından Əndəlib Qəmküsar təxəllüslü şair Mirzə Əliqulu və sairələri gəldi. Nahar süfrəsi böyüdü. Amerikalı qızı heyrət götürmüşdü. Şübhəsiz ki, bu ağır məsarifdən öz hissəsinə düşəcək para haqqında düşünürdü. Bir azdan sonra qulağıma yavaşcadan dedi: – Ma hər do, müsafirim, israfra imkan nə bayəd dad. Mən isə ona belə cavab verdim: – Ni israf, dərəcəyi hörmət mara, dər nəzdi rəfiqan bamərhəmət ma nişan midəhəd. Miss Hanna heç bir söz demədi, yeməyə başladı, verilən sualların cavabını bir fars qızından daha aydın bir dil ilə deyirdi. Süfrə başında farsca bilməyən yoxdu, şeirlər, lətifələr və məzhəkələr də farsca söylənirdi. Şərab çox az içilirdi. Miss Hanna bir çay stəkanının yarısına qədər şərab töküb, yarısını da su ilə doldurmuşdu. Hər tostdan sonra haman şərabı az-az içirdi. Buna baxmayaraq, onun rəngi qızarmaqda idi. Mirzə Əliqulu Qəmküsar söz istədi və: – Mən təbrizli Saibin bir şeirini oxuyacağam. Miss Hannadan icazə istəyirəm, – dedi. Qız isə: – Rica edirəm, rica edirəm, – deyə cavab verdi. Mirzə Əliqulu Saibin şeirini oxudu, doğrudan da, sanki şeir bu süfrə üçün yazılmışdı. Zi hüsni nimrəngi-yar, bərmən roşənəst imşəb, Əgər Məcnun şəvəm, mənəm məkon həq bamənəst imşəb. Qədəh ləbriz, mey gülgün, qəzəlxan yarii həmzanu, İyalə dəmbədəm dər gərdişü gərdidənəet imşəb. Miss Hanna şeirdən çox məmnun qaldı və oxuyanın böyük sənətkarlıqla oxuduğunu qeyd etdi. Əndəlib də şeir oxumaq üçün söz istədi. Biz ona da söz verdik. Zatən çar casuslarını şübhəyə salmamaq üçün süfrəni bu şəkildə aparmaq lazım gəlirdi. Əndəlib Vəzir adlı şairdən Saibə bir nəzirə oxudu: Şikəstəm zöhdü təqvara bəyadi-ləli-meygunət To həm tərfi guləh beşkən ki, beşkən-beşkən əst imşəb. Mirzə Əliqulu buna Əda adlı şairin sözləri ilə cavab verdi. Yenə də Əndəlib Məyus adlı şairdən bir nəzirə oxudu. Nəzirələr çox uzun çəkdi. Əndəlib ilə Qəmküsar, Əmir Ömər xan, Dəbir, Atif, Nüsrət, Əclət, Rind, Gülxani, Bəhcət Fəzli kimi bir çox şairlərin təbrizli Saibə yazdıqları nəzirələri oxudular. Nəhayət, Qəmküsar miss Hannaya ithaf etdiyi azərbacanca qəzəlini oxudu. Qəmküsar həmin qəzəlini oradaca, süfrə başında yazmışdı, ondan ancaq iki misrası xatırımda qalmışdır: Süzgün baxışlarında bir əhəngi-dilnəvaz, Zülfün səhab qəmzədir, ey asimani-naz. Bunu da miss Hannaya tərcümə etdik, o gülümsədi və düşünərək: – Doğrudur, almanlarda da belə təşbehlər vardır, lakin Şərqdəki bu təşbehlər olduqca incədir. Lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk deyildirmi? – Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim. Qız yenə də: – Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir? – deyə sordu. Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da: – Xanım məsələni dərindən başlamışdır, – deyə güldü. Mən isə qızın sualını cavabsız buraxmaq istəmədim. – Yaxın Şərqdə iki dövlət vardır: Türkiyə və İran. Bu hökumətlərin başında duranlar türklərdir, lakin hər ikisi milli tərəqqinin və mədəniyyətin düşmənidir. Birincisi yunanları, ərəbləri, boşnaqları, kürdləri, erməniləri, serbləri, bolqarları və başqalarını türkləşdirmək və türk adət və ənənəsinə tabe etmək istədiyi kimi, ikincisi də türk olduğuna baxmayaraq, türkləri farslaşdırmaq siyasətini daşıyır. İran şahı türkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti əleyhinə olmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir. Bu padşahların ailə lisanları da farscadır, hətta Xaqan təxəllüsü ilə şeir yazan Fətəli şah, Nəsrəddin şah da öz şeirlərini farsca yazmışlar. Hazırda rus səfarətində oturan Məhəmmədəli şahın əsərləri də farscadır. Qız: – Bunun səbəbi nədir, deyə bilməzmisiniz? – deyə soruşduqda mən: – Bunu bir çoxları belə izah edir: guya fars dili ədəbiyyat və şeir dili olduğu üçün yazıçıların özü farsca yazmaq istəmişdir, lakin bu qətiyyən doğru deyildir. Fars dili şeir və ədəbiyyat dili olsa da, yenə də farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatı öz ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türk məktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türk ədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib və şairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılan əsərlərin təb edilməməsi İrandakı türklərin farsca yazmasına səbəb olmuşdur. Buna görə İranda daim farslaşdırma, hətta fars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı. Bunun nəticəsində də türk ədibləri, türk şairləri öz milli dil, milli ədəbiyyat və milli mədəniyyətinin düşməni kəsildi, hətta türk olan padşahın gözü qarşısında fars mütəəssübləri «türk xərə», yəni «türksən, eşşəksən» məsəlini yaratdılar. Türk yazıçılarından «Ataşgədə» əsərini yazan Azər təxəllüslü zatın özü də türk olduğuna baxmayaraq, şairlərin tərcümeyi-halını topladıqda şairlərin ancaq farsca şeirlərini toplamışdır. Farsca şeiri olmayan şairlərin birisinin də adını çəkməmişdir. Xanım qız! Farslaşdırma siyasətinin başlıca səbəbləri bundan ibarətdir. Qacər xanədanı yüz əlli ilə qədər İranı idarə etdisə də, bu müddətdə ancaq bir neçə türkcə əsər çap elədi. Onlar da «Hüseyn Kürd» hekayəsi, «Sələbiyyə» adlı tülkü nağılı və sairlərindən ibarətdir. Mərsiyə kitablarına gəldikdə, burada məsələ dəyişir. Çünki camaatın dini mövhumatla məşğul olması hökumətin işinə yarayırdı. Qonşu olan Anadolu xalqı başlanmış düşmənçilikdə böyük rol oynadı. Nəhayət, Müzəffərəddin şah vəliəhd olduğu zaman «Hüseyn Kürd» və «Sələbiyyə» kitabının da oxunmasını qadağan etdi. Bunların hamısının əvəzində, Qacar xanədanı «Vahid vətən», «İrançılıq», «İran dostluğu» şüarları irəli sürdü. «Millət – Azərbaycan İranist» və ya «Əhalii-İran dust Azərbaycan» kimi sözlər hər bir azərbaycanlının qəlbində nəqş bağladı. Əlbəttə, belə bir siyasət nəticəsində ancaq farsca ədəbiyyat doğa bilərdi. Mənim sözlərim miss Hannanı xeyli düşündürdü. Mən qızdan: – Cavabım sizi qane etdimi? – deyə soruşdum. Qız: – Bəli, qane etdi, – dedi. Süfrəmiz gecə saat on ikiyə qədər davam etdi. Qonaqlar getdikdən sonra mən, Ələkbər yoldaş və miss Hanna oturub İran sahilinə nə vaxt keçəcəyimiz və Təbrizə nə cür gedəcəyimiz üzərində düşünürdük. Amerikalı qız mənimlə olduqca səmimi davranırdı, sanki o, mənim ruhumu oxşamaq üçün vasitələr arayırdı. Bugecəki böyük ziyafətin mənə aid olması onda olduqca müsbət bir təsir buraxmışdı. O mənim, onu həqarət və hücumdan müdafiə edən adamın adi bir iranlı deyil, mədəni və tərəqqipərvər bir iranlı olduğuma inanmışdı. * * * Mis Hannanın pasportunu Culfa jandarm polkovniki Ştraube vizə etmişdi. O bu gün İran sahilinə keçə bilərdi, mən onun odasına girərkən o: – Pasportum gəlmişdir. İndi biz İran sahilinə keçə bilərik, – deyə sevindi. Mən isə: – Təəssüf olsun ki, mən yarın gedə bilməyəcəyəm, – dedim. – Nə üçün? – Pasportumun vaxtı keçmişdir. Yeni pasport isə hələlik düzəlməmişdir. – Çoxmu gözləmək lazım gəlir? – Bir-iki gün. Mənim arkadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, – dedim. Qız tərəddüd göstərmədən dedi: – Sizə zəhmət olmazsa, məmnuniyyətlə qalaram, çünki bu səfərimdə sizdən ayrılmaq istəmirəm. Qız əlimi səmimiyyətlə sıxdı və pasportum hazır oluncaya qədər gözləyəcəyini bildirdi. Bu gün mən Səttar Zeynalabdinovun evinə nahar etməyə dəvət olunmuşdum: Səttar Zeynalabdinovun İran inqilabındakı rolu böyük idi. Maddi yardım cəhətdən heç vaxt geridə qalmazdı. Onun düzəltdiyi bu ziyafətə qızı da aparmaq və onun gənc qadını ilə tanış etmək, Culfada qaldığı günlərini onunla keçirməsini istəyirdim, lakin mən qızın o ziyafətə getməkdən boyun qaçıracağından qorxurdum. Hər halda ona təklif etməli idim, çünki onu oteldə yalnız buraxıb getmək uyğunsuz olardı. Ehtiyatla yanaşaraq: – Xanım qız! Sizə bir söz demək istərdim. Bilmirəm, sözümü qəbul edəcəkmisiniz? – dedim. – Sizin hər bir təklifinizi bir dost məsləhəti kimi qəbul etməyə hazıram, – deyə qız cavab verdi. – Məni yaxın dostlarımdan birisi nahara dəvət etmişdir. Mən sizin də o ziyafətdə iştirak edib, onun yeni evləndiyi iranlı xanımı ilə tanış olmanızı arzu edirəm. Qız heç düşünmədən dedi: – Belə təkliflərdə siz «Hanna qalx, filan yerə gedəcəyiz» deyə bilərsiniz. Bu sözümü yalnız bu gün üçün deyil, tanışlığımızın davam etdiyi bütün müddət üçün deyirəm. Çünki mən artıq sizinlə tanış olmaqla şərəfdən, qorxusuzluqdan başqa bir şey görmədim. İndimi getmək istəyirsiniz? – Bəli, indi getməliyik. – Elə isə on beş dəqiqəlik vaxt verin, – deyə ayağa qalxdı. Mən balkona çıxdım. Şübhəsiz ki, o, tualetini düzəltmək, paltarını dəyişdirmək istəyirdi. Səttar Zeynalabdinov özü dalımızca gəlmişdi. Biz dəhlizdə oturub miss Hannanı gözləyirdik, bir azdan sonra o, incə ipək yay paltarında çıxdı, onun saçlarından və gözlərindən başqa hər şey ağdı. Qız Səttarla tanış olduqdan sonra qolumdan tutdu: – İndi gedə bilərik, – dedi. Səttarın evi uzaq deyil. «Oriant»ın dalında idi. Biz onun balkonuna çıxdıqda süfrə başında Şeyxov, Əliqulu Qəmküsar, Ələkbər yoldaş, Ağa Məhəmməd Hüseyn, Baxşəli ağa, Nağı İsmayılovu gördük. Qız birinci növbədə Səttara müraciətlə: – Bəs xanımınız haradadır? – deyə soruşdu. Səttar utandı, qıza cavab verə bilmədi. Mən: – Xanım içəridədir, qonaqlarını məmnun etmək üçün ziyafət hazırlığına özü nəzarət edir, – deyərək qadının örtülü olduğunu və kişilərlə bir süfrədə otura bilmədiyini gizlətmək istədim. – Mən onunla tanış olmalıyam, – deyə qız israr etdi. Səttar bundan məmnun qaldığını söylədi və: – Buyurun, xanımla tanış olunuz, – deyə miss Hannanı xanımın odasına müşayiət etdi. Yemək süfrəyə verilmişdi, biz miss Hannanı gözləyirdik. Bir azdan o çıxdı və: – Siz məni gözləməyin, mən naharı xanımla birlikdə etmək istəyirəm, – deyə yenə də otağa qayıtdı. Miss Hanna getdikdən sonra mənim pasport məsələmi müzakirə etdik. Şeyxovun nə vasitə ilə pasport alacağından xəbərim yoxdu. Bu məsələ məni çox narahat edirdi. Şeyxov məsələni aydınlaşdıraraq dedi: – Burada dükan saxlayan Cəbrayıl bəyin qardaşı Əbülhəsən bəy bizim ən yaxın tanışlarımızdandır. Pasportu o öz adına alıb bizə verməyə söz vermişdir. Culfadakı İran konsulu çar casusu olduğundan və jandarm polkovniki Ştraube və pristav Yaşşoltla sıx əlaqədə bulunduğundan yoldaşın öz adına pasport almaq qorxulu idi. Şeyxov bu sözlərdən sonra pasportu cibindən çıxarıb masanın üzərinə qoydu. Mən öz kiçik fotoşəklimi pasportun üzərinə yapışdırmalı idim, çünki onsuz pasportun etibarı yoxdu. Fotonun üzərinə də konsulun möhürü vurulmalı idi. Şeyxov Səttarın qulluqçusunu çağırıb: – Get konsulun katibi Həsəni tap, söylə ki, Şeyxov səni çağırır, – deyə tapşırdı. Biz hələ naharı bitirmədən Həsən gəldi, Şeyxov pasportu ona verib dedi: – Konsulun möhürünü bu pasportdakı fotonun üzərinə vurub gətirərsən. Gənc Həsən gülərək getdi və çox çəkmədi ki, hazırlanmış pasportu gətirdi. Bu gənc konsul katibinin Əbülhəsən bəyin qardaşı oğlu olduğunu sonra öyrəndim. İndi Əbülhəsən bəy idim, özüm də Şəbüstər mahalından, 26 yaşım vardı, pasportumu da vaxtı bitmiş pasportumun əvəzində almışam. Nahar yeməyi bitdi, bir azdan sonra miss Hanna gülə-gülə otaqdan çıxıb yanımıza gəldi, onun boynunda bir maddə qiymətli inci gördüm. Şübhəsiz ki, onu amerikalı qıza Səttar yoldaşın xanımı bağışlamışdı. Qız Səttar yoldaşa razılıq etdi və bu görüşdən xeyli məmnun qaldığını izah etdi. Axşam saat beşdə Səttar yoldaşın evindən çıxdıq, qız onun xanımı ilə ikinci dəfə vidalaşdı. «Oriant» otelinə qayıtdıq. Bir az istirahət etmək lazımdı, çünki axşam yeməyinə Hacıyev Məmmədhüseynin evinə dəvət olunmuşduq. – Siz bir az istirahət edin, – deyə Hannanı odasına ötürmək istədim. – Pasport məsələniz necə oldu? – deyə maraqla soruşdu. Mən pasportu cibimdən çıxararaq ona göstərdim. Hanna şadlığından hoppanmağa başladı. – Yarın gedəcəyikmi? – deyə əllərimdən tutub sıxdı və tuflisinin dabanları üzərində fırlanaraq məni də fırlatdı. – Bəli, gedəcəyik, hazırlaş, – deyə onu tək buraxaraq çıxdım. * * * «Səyahətnameyi-İbrahim bəy» Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük. – Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum. – Çox az. Sevindiyimdən yata bilmədim, sizinlə birlikdə edəcəyimiz səfərin ilk gününü gözləmək olduqca həyəcanlıdır, – deyə utandığından başını aşağı saldı, gözlərimə baxa bilmədi. Mən onu bir daha bu məzmun üzərində danışdırmaq istəməyərək dedim: – Səfərimizə bu qədər qiymət verdiyinizi bilmirdim. Hər halda, sizin Təbrizə qədər olan səfərinizdə rahatlığınızın təmini üçün çalışacağam. Lakin onu da demək istərdim ki, məndə bir fövqəladəlik yoxdur. Sizə qarşı olan hörmətim ancaq kişilik vəzifəsi daxilində olan xidmətlərdir, sizin tək olmanız, xüsusən uzaq bir ölkədən inqilab etmiş bir ölkəyə düşməyiniz də hər bir adamın sizə hörmət bəsləməsini tələb edir. Qız mənim qolumdan tutub gedir və danışırdı. O, yenə də söhbəti mənim ona etdiyim hörmətlərin üzərinə gətirib dedi: – Mən sizin fövqəladə və hörmətli bir müsafir olduğunuza inanıram. Lakin ona müəyyən bir şəkil verməkdə acizəm. Hörmətiniz hər kəsin yanında yüksəkdir. Lakin bu hörmət bir tacirə olan hörmətin fövqündədir. Doğrusu, sizin şəxsiyyətiniz məndə o qədər yüksək bir təsir buraxmışdır ki, onu idarə etmək, onu müəyyən bir qəlibə salmaq imkanını əldə edə bilmirəm. Kim bilir, bəlkə, mənim qadınlığımın da bu təsirin yüksəlməsi işində bir rolu var. Miss Hanna sözünü bununla bitirdi. Mən onun utandığını, hətta titrədiyini hiss edirdim. Qolu qolumda idi, qızın bütün həyəcanlarını hiss edirdim. O, Hacıyevin qapısından içəri girincəyə qədər nə danışdı, nə də üzümə baxdı. Biz içəri girdikdə orada tanış yoldaşlardan başqa bəzi tanış olmayan qonaqların da olduğunu gördük. Bunların İrandan gəlib Məkkəyə gedən hacılar olduğunu sonradan öyrəndik. Məhəmmədhüseyn Hacıyev yoldaş bizi onlarla tanış etdi. Miss Hanna İsgəndər xanın və Məhəmməd Müctəhidzadənin əlini sıxıb tanış oldu. Növbə Nəsrulla Salam Müctəhidə gəldikdə qız tərəddüd göstərməyə başladı, utandı və ya cəsarət etmədi. – İrəli gəlin, xanım qız, – deyə Nəsrulla Salam ona müraciət etdi. – İrəli təşrif gətirin. Mən avam və köhnəpərəst mollalardan deyiləm. – Nəsrulla Salam qıza əlini uzatdı, qız onun əlini sıxıb Ələkbər yoldaşla mənim aramda oturdu. Nəsrulla Salam Məhəmmədhüseyn yoldaşa müraciətlə: – Yəqin ki, ağanın xanımıdır, – deyə miss Hannaya və mənə işarə etdi. Məhəmmədhüseyn yoldaş isə: – Xeyr, müsafirdir. Yolda tanış olmuşlar, hər ikisi Təbrizə gedəcəklər, – dedikdə Nəsrulla Salam yenə də: – Xeyli xob. Munis və məhcub xanımdır. Çox da baədəbdir, – dedi. Nəsrulla Salam bu sözü deyərək qəlyanını çəkməyə başladı. Heç kəs danışmırdı, ancaq mən qızın qulağına: – Bunun «avam və köhnəpərəst deyiləm» deməsinə inanmayın, o, yenə də molladır, ruhanidir, köhnəpərəstdir, – deyə pıçıldadıqda qız gülümsəyərək: – Dər an məsələ şübhə nədarəm. – deyə cavab verdi. Nəsrulla Salam onun gözəl farsca danışdığını gördükdə, qəlyanın qəmişini ağzından çıxarıb təəccüblə baxdı və dedi: – Bərəkallah xanım qız, maşallah xanım qız! Söhbət başladı. Söhbətlərin hamısı farsca gedirdi. Mən miss Hannanın molla ilə danışmaq üçün məqam axtardığını hiss edirdim. Bu imkanı ona yenə də Nəsrulla Salamın özü verdi. – Bən əvvəlcə elə bildim ki, siz bu cənabın hərəmisiniz. Lakin sonradan müsafir olduğunuzu cənab sərkər Ağa Məhəmmədhüseyn buyurdular, – dedikdə məclisdə oturanların hamısı Nəsrulla Salamın bu sözlərinə qarşı qızın nə cavab verəcəyindən maraqlandılar. Qız gülümsəyərək mollanın üzünə baxdı: – Siz nə üçün mənim bu cənabın həramı olduğumu zənn edirdiniz? – dedi. Nəsrulla Salam udqundu, necə cavab verəcəyini bilməyərək dedi: – Çünki sizin hər ikiniz cavansınız. Bir-birinizə layiqsiniz. Xüsusən siz gözəl, ədəbli xanımsınız. – Əcəba, siz mənim ədəbli və gözəl olduğumu haradan təyin edirsiniz? – deyə qız öz sualından məmnun vəziyyət aldı. Nəsrulla Salam qəlyanına bir qüllab vurub dedi: – Siz açıqsınız, ədəbiniz və gözəlliyiniz də göz qabağındadır. Nəsrulla Salam sözünü bitirərkən miss Hanna Nəsrulla Salama hücum etmək üçün hazırladığı sözləri bir-bir yağdırmağa başladı: – Madam ki, qadın açıq olduqda onun gözəlliyini və ədəbini daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların açıq gəzməsinə icazə vermir? Nəsrulla Salam gözlərini qırpırdı, çətinliyə düşmüşdü, məclisdə çıxılmaz bir sükut hökm sürürdü. Mən molladan icazə istədim: – Hərgah cənab müctəhid icazə versəydi, mən xanımın cavabını verərdim, – dedim. Müctəhidin dili açıldı: – Buyurun, oğlum, – dedi, – bərəkallah, oğlum. Buyurun. – Mən cənab Nəsrulla Salamın qadın açıqlığı barəsindəki fikrini bilmirəm, – dedim, – ancaq bunu deyə bilərəm ki, İranda qadın açıqlığı məsələsini qoymaqla bərabər, kişilərin də açıq qadınlara layiq bir kişi halına gətirilməsinə çalışılmalıdır. Mənim bu sözümdən sonra sanki Nəsrulla Salamın dili açıldı və: – Əhsən, afərin, oğlum! Fərmayişiniz doğru fərmayişdir. Kişilərimiz qadınlarımızdan da cahildir, – dedi. Şam süfrəsi İran evlərinə məxsus bir süfrə idi. Nəsrulla Salam və arkadaşları süfrəyə baxıb gülürdülər. Ağa Məhəmmədhüseyn Hacıyev bu gülüşün mənasını çox tez anlayaraq dedi: – Ağaların Məkkə ziyarətinə getdiyinə ehtiram edilərək süfrəyə şərab verilməmişdir. Nəsrulla Salam sözə başlayaraq dedi: – Bən də əvvəlcə ərz etdim ki, köhnəpərəst və avam mollalardan deyiləm. O ki, cənab Məhəmməd xan Müctəhidzadədir, o cənabın özü də şərab saxlayanlardandır. Zənnimcə, cənab İsgəndər xan da təqliddən boyun qaçırmazlar. O ki, Məkkəyə getməkdir, Məkkə sahibi o qədər böyük və mərhəmətli bir kişidir ki, bu cür xırda işlərlə məşğul olmaz və xırda günahları da hesabımıza yazmaz. Məclisdəkilərin hamısı güldü. Ağa Məhəmmədhüseynin işarəsi ilə süfrəyə hər cür şərab verildi. Nəsrulla Salam yalnız konyak içirdi. Əmmaməsini götürüb yerə qoymuşdu. Başında ağ və nazik bir araqçın qalmışdı. – Süfrə başında baş geyimini çıxarmaq lazımdır, mən avropalıların bu işlərini sevirəm. Bu hər bir ziyalı adamın vəzifəsidir. Mən onun bu sözlərinə tamamilə başqa məna verirdim. Molla şərab məclisində əmmamə ilə oturmağı, əmmaməyə qarşı bir təhqir hesab edir və bunu da bizə hiss etdirməmək üçün başqa bir dona salmağa çalışırdı. Mollanın yoldaşları da başlarını açdılar. Başlarının ortası alnlarından boyunlarına qədər iranlıların çətmə birçək dedikləri üsulda qırxılmışdı. Şam bitincəyə qədər Nəsrulla Salam amerikalı qızı məşğul etməyə çalışır və cürbəcür məsələlərə əl atırdı. O, gözəl və gənc qızla bir şəhvətpərəst şərqli kimi deyil, mədəni, ziyalı, ağıllı bir şərqli kimi danışırdı. İsgəndər xanla Məhəmməd xan Müctəhidzadəyə gəldikdə qızı nəzərdən keçirir, hətta onun saçının tellərini sayacaq qədər diqqət yetirirdilər. Nəsrulla Salam qəlyan istəmişdi, mən Müctəhidzadə Məhəmməd xanla salonda gəzişir və söhbət edirdik. Mən Nəsrulla Salama işarətlə dedim: – Doğrudan da, fikri açıq molladır, qızla ən mədəni və ziyalı bir adam kimi danışır. Müctəhidzadə Məhəmməd xan gülərək dedi: – Rəfiqi-möhtərəm! Bizim naxoşluğumuz ölüm naxoşluğudur, bizim başımız xəstədir, bəibarət uxra pişvalarımız naxoşdur. Ağam, o naxoşluq ki, mən sizə ərz edirəm, onların kaffəsi haman xörək süfrəsinin üstünə qoyulan əmmamələrdən doğur, bəlamızın kaffəsi haman qırx-əlli arşın tənzifdən çıxır. Doğrudur, bu adam qızla çox ədəbli danışır, lakin bununla ona mədəni və ziyalı adam demək olmaz, çünki onun qadınları görəcək gözü yoxdur. Sanki qadınlar ona təbiətcə biganədir. Onun qadını vardır, lakin üzünə baxmaz, çünki o qeyri-təbii şəhvətin əsiridir. Bunun üçün də onun cavan övrətləri bir dənə də olsa, uşaq doğmamış. – Nə üçün? – deyə soruşdum. – Onun yanında dörd-beş gənc xidmətçi, hazırda bir nəfər gənci də özü ilə bərabər Məkkə ziyarətinə aparır, öz çirkin əməllərini ziyarətdə də təkrar etmək istəyir. Ağa, bunu sizə bir nəfər iranlı olduğunuz üçün ərz edirəm. Bu haramzada haman uşağı Kərbəla və Xorasan ziyarətinə də aparmışdır, indi də Məkkə ziyarətinə aparır. Bizi də bu səfərə məcbur edən odur. «Gərək gedib tövbə edəsiniz» deyib bizi də öz dalınca Ərəbistan çöllərinə sürüyüb aparır. Biz bu söhbətdə ikən 18 yaşlarında gözəl bir gənc əlində qəlyan içəri girdi və qəlyanı Nəsrulla Salamın qabağına qoydu. Nəsrulla Salam isə: – Bərəkallah, hacı! – deyə alqışladı. Müctəhidzadə yenə də sözünə davam etdi: – Budur, haman uşaq budur, indiyə qədər müctəhid bir neçə bəlasini saxlayıb, böyüdüb buraxmışdır. Gənc hələ də Nəsrulla Salamın qarşısında durmuşdu, gözləri qandan dolmuş bir piyalə kimi qızaran Nəsrulla Salam iki gözünü uşağa dikərək baxırdı. Xeyli baxdıqdan sonra Nəsrulla Salam ona getməyə icazə verdi. Müctəhidzadə isə yenə də sözünə başlayaraq dedi: – Rəfiq, siz bizim rəhbərlərimizi tanımayırsınız. Onların hamısı bu xəstəliyə mübtəladır. Mən: – Əcəba, bu bədbəxt uşaqların axırı necə olur? – soruşdum. – Onlar öz gəncliyini bu əxlaqsızların qucağında keçirdikdən sonra müctəhidin vasitəsilə hökumət işlərinə təyin olunur. Məsələn, Nəsrulla Salamın əmrinə görə, Marağa hakimi Hacı Səməd xan kimi əxlaqsızlar bu uşaqları hökumət işlərinə düzəldir, çünki Səməd xanın özü də Nəsrulla Salamın atasının yanında böyümüş, sonra da hökumət işlərinə təyin olunmuşdur. Hazırda o, Şücaüddövlədir. Dövlətin şücaətidir. İndi isə bizim dövləti, onun müctəhidini və bizim hökumət adamlarımızın kim olduğunu, necə böyüdüyünü mülahizə buyura bilərsiniz. Bu kimi əxlaqsızlığa öyrənmiş və bu rəzalətin içərisində böyümüş cavanlar hökumət idarəsinə keçəndən sonra öz başına gələnləri başqa cavanların başına gətirirlər, odur ki, ölkəmizi əxlaqsızlıq bürümüşdür. Müctəhidzadənin sözləri mənə dərin bir təsir bağışladı. – Siz bu hallarla mübarizə aparmalısınız, xalqa anlatmalısınız, bu həyasızlığın hamısını ifşa etməyə çalışmalısınız, – dedim. Müctəhidzadə mənim qolumdan tutub həyətə çıxardı. Kiçik bağçada gəzişməyə başladıq. Müctəhidzadə yavaşca dedi: – Təəssüf olsun ki, biz bu saatdan sonra sizinlə görüşməyəcəyik, çünki gedirik. Hərgah avam xalqın məzəmməti olmasaydı, mən buradan qayıdar və İrana gedərdim. Orada sizinlə bir az vaxt keçirərdim. Ağa, biz işləmişik, bizim gördüyümüz işi İranda heç kim görməmişdir. Biz nələr etmədik. Biz nə ölümdən, nə dar ağacından, nə «xəlili»dən xof etmədik. Bizi Ağa Məhəmmədhüseyn çox yaxşı tanıyır. Bu namussuz Nəsrulla Salam da bizim səbəbimizə gəlib ağanın evində mənzil edibdir. Biz «Səyahətnameyi-İbrahim bəy» kimi əsərlər yaratdıq. İrandakı həyasızlığı, əxlaqsızlığı başdan-ayağa kimi ifşa etdik, xalqımız isə buna bir məzhəkə məcmuəsi kimi baxdı, çünki onların siyasi ruhlarını Nəsrulla Salam kimi əxlaqsızlar öldürübdür. Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. Diksindim, onun əllərini tutub dodaqlarından öpdüm və dedim: – Nə qədər xoş təsadüf. Nə qədər məsud səfər. Çox sevdiyim və müharrirlərini tanımadığım o böyük «Səyahətnamə»nin insanı güldürə-güldürə ağladan məzmununu dərhal xəyalımdan keçirdim və ixtiyarsız olaraq gözlərim yaşardı. Müctəhidzadə özü də ağlamsındı. – «Səyahətnamə»ni təlif edən mən, bir də Hacı Zeynalabdin Marağalı idi, onun Misirdə çap məsarifini də ikimiz cibimizdən verdik. Mirzə Əliməhəmməd xan Kaşanlı tərəfindən Misirdə çap olunan «Pərvəriş» qəzeti də bizim köməyimizlə çıxırdı. «Hacı Nəmməd bal», «Madər-dövlət» məqalələrinin birisini mən, o birisini Hacı Zeynalabdin yazmışdır. Nəhayət, Ətabək kimi ərzəllər qəzeti İrana buraxmadı. Əliməhəmməd Xanzadə cavan idi, bu zərbəyə dözmədi, özü də vərəmli idi, öldü, qəzet də bağlandı. Ağa, hər işimiz yarımçıq qaldı, indi isə özümüzü axmaqlığa vurub, bu lotunun dalısına düşüb Məkkəyə gedirik. Biz çox danışdıq. Gecə keçirdi. Bizi salona dəvət etdilər. Miss Hanna darıxdığından mənə və Şeyxova getməyimizi təklif etdi. – Hacılar da sabah getməlidirlər, qoy onlar da bir az rahat olsunlar, – dedi. İsgəndər xan Ağa Məhəmmədhüseyndən soruşdu: – Biz sabah saat neçədə buradan rəfi-zəhmət etməliyik? Hər gün vağon vardır, ya yox? – Cənab Hacı, səhər saat yeddidə vağona oturmalısınız, – deyə Ağa Məhəmmədhüseyn cavab verdi. – Cənab Ağa Məhəmmədhüseyn, sizə məlumdur ki, bəndələr ki, cənab Nəsrulla Salamın hüzurunda gedirik, bizim yanımızda on manat, yüz manat bir pul deyil. Bir yüz manat da artıq para verib vağunu qapıya gətirmək olmazmı? Çünki cənab Nəsrulla Salam üçün də vağzala getmək əziyyət olacaqdır. Bu sözlərdən İsgəndər xanın vaqon görmədiyi bəlli oldu. Ağa Məhəmmədhüseyn isə onu sakit etmək məqsədilə dedi: – Mümkün deyil, mümkün olsa idi, buyurduğunuz kimi edərdim. Gecə saat on ikidə vidalaşıb çıxdıq. Müctəhidzadə bizi qapıya qədər ötürüb əlimi bir daha sıxdı. * * * İran Culfasında Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı.. Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər. Faytondan düşüb pilləkənlərdən yuxarı qalxdıq. Bizi aşağı rütbəli bir gömrük məmuru qarşıladı. O yaltaqlandı, yarırus, yarıtürk, yarıfarsca: – Ağa, buyurunuz. Biz sizin sərəncamınızdayıq, – dedi. İçəri girdik, kiçik, yoxsul, kəsif bir otaq idi. Otağın bir küncündə qoyulmuş yazı masası ən sadə taxtadan qaba bir şəkildə qayrılmış, üstü isə Culfanın qəliz tozu ilə örtülmüşdü. Üstündəki şeylərə gəldikdə bir qələm, bir qırıq mürəkkəb qabı, bir də İran hökumətinin vizə möhründən ibarət idi. Yazı masasının dalında oturan gənc pasport məmuru bizi görüb ayağa qalxdı və bizə yaltaqlanan gömrük məmuruna aciqlanaraq: – Gədə, məgər şuma heç şərəf və şərm nədarid? – dedi. Mən ona çar təbəəsi və çar məmuru olmadığımızı bildirərək: – Mən iranlıyam, xanım qız da amerikalıdır, pasportlarımızı viza etdirmək üçün cənabınıza müraciət etdik, – dedim. Onun rəngi açıldı, yerində oturdu, pasportları gözdən keçirərək bir ah çəkdi, vizasını qoydu və bizə qaytarırkən: – Bu imza ilə hər yerə gedə bilərsiniz, bizim imzamızın o qədər də əhəmiyyəti yoxdur, yalnız bu imza kifayətdir, – dedi. O bu sözləri deyərkən barmağını çar jandarmının imzası üzərinə qoymuşdu. Oradan çıxdıq. Yolun kənarı ilə gedən İran tacirlərinin çöhrəsində daha başqa hal var idi. Onlar hərbi nəğmə oxuyaraq keçən bir çar məfrəzəsini fərəhlə dinləyərək danışırdılar: – Çar hökuməti olmasaydı, bizim dərimizi çoxdan soymuşdular. – Ticarət yavaş-yavaş dirçəlir. – Belə də olmalıdır, bizimkilərdən fayda yoxdur. – Baba, nə vətən? Baba, nə istiqbal? Bunlar bizə çörək verməz. Bu cür sözlərdən çox eşidirdik. Fikir və əqidə etibarilə ruslaşan və istilanın qoynuna girən xırda kapitalistlər, qiyafə etibarilə də dəyişmişdilər. Yayın istisinə baxmayaraq, yaxalıq bağlamış, kostyum geymiş və paltolarını qolları üzərinə salmışdılar. Miss Hannanın kiçik bloknotuna qeyd etdiyini görərkən onun üç gün əvvəl «İranda xeyriyyə işləri ilə məşğul olacağız, siyasətlə heç bir işimiz yoxdur» sözlərini xatırladım. Amerikalıların İrandakı çar siyasəti ilə maraqlandığını yəqin etdim. Rus istiqraz bankının maddi himayəsi altına girən və çar jandarmına arxalanaraq İran kəndlisini rahatca soyanların bayram etdiyini hər bir addımda görmək olurdu. Şose yolunda bir rus onbaşısı ilə bir İran tacirinin söhbətini dinləyirdim. O, rusca danışa bilməsə də, mən onun nə demək istədiyini anlayırdım. Onbaşı çox sağlam bir gənc idi. Tacirin kim olduğunu faytonçudan soruşdum. Daran kənd tacirlərindən Hacı Salman ağa olduğunu söylədi. Söhbətləri çox maraqlı idi: – Ваши патишах очен болшой патишах. Я тебе сказал ки мне тибе уважат. Ты хороши человека. Bunu söyləyərək Hacı Salman soldatın üzünü və çənəsini oxşadı və yenə də sözünə davam etdi: – Ваши народа сифилизованны народа. Bu sözü eşidər-eşitməz soldatın tacirə bir şillə vurduğunu gördüm. Onun papağı da yerə düşmüşdü. O yalvarırdı və tez-tez deyirdi: – Мне тебе плохи ни исказал. Зачем тибе мне бибийот? Soldat onun yaxasından yapışıb: – Сифилитик твой отец сукин сын! – deyə onu hara isə sürüyüb aparmaq istəyirdi. Çox adam yığışmışdı, hamı da bilər-bilməz Hacı Salmanı söyür və onbaşını sakit etməyə çalışırdı. Biz orada durmadıq, faytona oturduq, gördüyüm səhnə qanımı qaraltmışdı. Heç bir söz danışmırdım. Nəhayət, miss Hanna: – Biz harada düşəcəyik? – deyə sükutu pozdu. – Burada istirahət ediləcək otel yoxdur, Culfa qərargah şəklini almışdır, – deyə cavab verdim. – Bəs nə edək? – Tanış bir adamın evində düşməliyik, – dedim. – Əlbəttə, bu ancaq sizin üçün mümkündür. Mən isə tanış olmadığım bir adamın evinə necə gedə bilərəm? – deyə qız yenə mənim onu təmin edəcək bir cavab verəcəyimi gözləyirdi. – Siz onların yaxından tanış olduğu bir adamla tanışsınız, bu da kifayətdir, – dedim. Faytonumuz poçt-teleqraf müdirinin qapısında durdu. Xanın xidmətçiləri və oğlanları qapıya çıxdı, məni görüncə sevindilər, şeyləri faytondan götürdülər. Uşaqlar analarına xəbər vermək üçün pilləkənlərdən yuxarı qaçdılar. Burada daha bir təsadüf baş verdi ki, o da xanın ovdan müvəffəqiyyətlə qayıtmasından və bizimlə qapıda təsadüf etməsindən ibarətdir. Pilləkənlərdən yuxarı qalxarkən onunla görüşdük. Miss Hannanı onunla tanış edib birlikdə yuxarı çıxdıq. Xanın xanımı məni amerikalı qızla görərək güldü və qızı hörmətlə qəbul edərək yıxanmaq və tualetini düzəltmək üçün öz otağına apardı. Mən xanımın nə üçün güldüyünü anladım və xana müraciətlə: – «Tanışımız hər səfərində bir qızla gəlir» deyə xanımımız güldü, – dedim, bu sözümü xan da təsdiq etdi və: – Xanım Ninaya böyük hörmət bəslədiyindən, sizi başqa bir qadınla görürkən gülməyə və şübhələnməyə haqlıdır, çünki onun bizim nə iş gördüyümüzdən və nə məqsəd daşıdığımızdan xəbəri yoxdur, – dedi. * * * Çağırılan qonaqların hamısı ov kababı yeməyin intizarında idi. Qonaqlar qruplara ayrılaraq, müxtəlif məsələlər üzərində mübahisələr aparırdılar. Siyasi söhbətlər əsas yer tuturdu. – «Mançester Qardian» qəzeti yanımdadır, qəzet Rusiya və İngiltərənin İranın daxili işlərinə qarışmasını yeddinci il müqaviləsinə zidd hesab edərək, onların istilaçılıq hərəkətinə qarşı protesto edir, – deyə birisi rus istilasının müvəqqəti bir şey olduğunu irəli sürürdü. İranın tezliklə çar Rusiyasından qurtaracağına şadlanan Mirzə Həsən xan idi. – «Deyli Nyus» və bundan başqa bir neçə sosialist qəzetləri də rusların İrana soxulmalarına qarşı ciddi bir surətdə protesto etmişdilər, nicat ümidləri getdikcə artır, azadlıq yolunu tanımış bir xalqı əsir etmək mümkün deyildir. Bir də rus səfiri cənab Sabin və İngiltərə səfiri ser Breqli Məhəmmədəli şaha bu barədə qəti söz vermişlər: ölkəmizdə sakitlik olan kimi çar ordusu çıxmağa məcburdur. Rusiya və İngiltərə səfirlərinin verdiyi vədlərə inanan bu gənc də Rüstəm xan idi. Qaraşın bir kişi bunların hamısına etiraz edirdi. Bu da Araz körpüsündə oturan Mirzə Mahmud xan idi. – Biz heç vaxt azadlıq qazanmaq üçün başqalarının yardımına inanmamalıyıq. Bizə tərəfdar çıxan hər bir dövlətin müəyyən bir məqsədi var, bu məqsəd isə bizim faydamıza ola bilməz. Biz öz qüvvəmizi hazırlamalı, nicatı özümüzdə aramalıyıq. Kapitalist dövlətlərinin biri digəri ilə düşmən olduğuna baxmayaraq, yenə də onlar İran kimi yağlı bir tikəni bölüşməkdə sazişə girə bilərlər. İngiltərə və Rusiyanın İran işlərindəki sazişi də bəndənin sözlərini isbat etmiş olur. Mirzə Məhəmməd xanın sözlərindən sonra söhbət yenə də Təbriz üzərində dayandı. – Qafqazlılar çəkilib gediblər. – Bizimkilərdən xəbərim yoxdur. – Bağır xan, Səttar xan, Tağızadə, Hüseyn Bağban da Osmanlı konsulxanasındadırlar. – Azadlıqdan dəm vuran ingilislər, Təbrizdə heç kəsi öz himayələrinə qəbul etməmişlər, qapılarını inqilabçıların üzünə bağlamışlar. Bu söhbətlərdən mən Səttar xanın himayədə olduğunu yəqin etdim. Lakin bu məni təskin etməyirdi, çünki osmanlılar nüfuzsuz, qüvvətsiz olduğundan ingilislərin və rusların tələbi üzərinə Səttar xanı verməyə məcbur ola bilərdilər və ya ruslar həyasızcasına konsulxanaya soxulub Səttar xanı çəkib aparardılar. Hələ sözarası çar soldat və zabitlərinin evlərinə girib silah almaq bəhanəsi ilə həyasızlıq yapdıqları da danışılırdı. Ayrı-ayrı qrupların uzun söhbətlərini dinləməyə macal yoxdur. Çünki biz də kiçik bir qrup təşkil edirdik. Bizim qrupdakılar: Əmir Həşmət, onun qardaşı Mirzə Əbülqasım xan, Mirzə Məhəmməd xan və bir də poçt-teleqraf müdiri idi. – Bunların başqa fikri, başqa söhbəti yox idi. Qarabəniz, arıq üzlü, alnının yoğun damarları görünən və göz bəbəkləri titrəyən Əmir Həşmət: – Xarici düşməni əzmək və həyasız siyasətindən daşındırmaq üçün xalq üsyanı lazımdır, müsəlləh qiyam lazımdır, – deyirdi. Nahar süfrəsi hazır oldu, qonaqlar süfrə başına dəvət olundu. Söhbətlər kəsildi. Xanın qadını, miss Hanna ilə bərabər süfrədə iştirak edirdi. Süfrə başında eşitdiyimiz yeni xəbər məndən artıq miss Hannanı təşvişə saldı. Xanın xidmətçiləri istila ordusunun baş komandanı general Snarskinin verdiyi əmrnamənin surətini gətirdilər. Əmrnamənin surəti bundan ibarət idi: «Təbriz və Təbriz yolu üzərində vaqe Azərbaycan şəhərləri hərbi vəziyyətdədir. Buralarda əhali siyahıya alınmağa başlandığı üçün müsafirlər hərəkatı müvəqqəti olaraq dayandırılır. Xüsusi əmrim çıxıncaya qədər Təbrizə və başqa şəhərlərə heç kəs buraxılmayacaqdır. Azərbaycan döyüşən ordusunun baş komandanı Snarski 14 iyul 1909-cu il». Bu, yaxşı xəbər deyildi. Əhalini siyahıya almaqda çar jandarmalığının başqa məqsədi vardı. İnqilabda iştirak edən və çar siyasətinə qarşı işləyənlərin siyahısı Snarskinin əlində idi. Əhalini siyahıya almaq bəhanəsi ilə Snarski siyahıda olanların hamısını əldə etməyə çalışırdı. Bizə gəldikdə iki çarəmiz vardı: ya İran Culfasında istidə, tozda qapanıb qalmaq, ya da Rusiya sahilinə qayıtmaq. Mən Rusiya sahilinə qayıtmaq fikrində deyildim, çünki pasport işində yeni əngəl doğa bilərdi. Qızın məsələsi də çətinləşirdi. Mən bu barədə düşünməyi sonraya qoymaq tövsiyəsində bulunsam da, amerikalı qız sakit olmayaraq: – Mən başsız, avara qaldım, məhv olacağam, – deyə ağlamaq istəyirdi. – Siz başsız və yardımsız deyilsiniz, mən sizin rahatlığınız üçün hər bir imkanı yarada bilərəm, – deyə qızı sakit etməyə çalışdım. Qız nicat tələbedici gözləri ilə mənə baxırdı. Ələkbər yoldaş da: – Qorxmayın, xanım, kəndimiz yaxındır, yaxşı otaqlarımız, təmiz havamız və rahat olmaq üçün də imkanımız vardır, – deyə onu ovundururdu. Qız isə sakit olmaq istəməyirdi. – Ekspedisiya üzvləri Təbrizdə, mən isə burada qaldım. Onların nə dərdinədir, əllərində para var, konsulxanadan da hər yardım ala bilərlər, mənim işim isə fənadır, maddi vəsaitim bitəcək, özüm də çöllərdə qalacağam, necə olsun? Nə edim? – deyə qız yol çəkən gözləri ilə əlindəki çəngəl-bıçağa baxırdı. – Bu sözlərin hamısı lüzumsuzdur. Əvvələn, bu hadisə bizdən asılı deyildir. Çar işğal ordusunun tələbidir, ikincisi isə para və vəsait barəsində heç də düşünməməlisiniz, zəngin bir tacir olmasam da, zəngin bir nüfuzum vardır. O nüfuz sizi və elə də mənim özümü illərcə yaşatmağa müqtədirdir. Biz harada olursa-olsun, tanışlarımızın, rəfiqlərimizin hörmətli qonağı kimi yaşayacağıq, üçüncüsü isə yanımızda aylarca sizi təmin edə biləcək para vardır, öz paramızla da yaşaya bilərik. Heç düşünməyin, rahatınız, əmniyyətiniz, siz düşünməsəniz də, təmin ediləcəkdir. Mənim bu inandırıcı və cəsarətli sözlərim Hannaya təsir etdi, onun tutulmuş üzü açılmağa başladı. * * * Livarcan yaylasına doğru Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı. Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim. O: – Mən orada sizsiz qala bilmərəm, – dedi. – Mən də sizinlə bərabər gedəcəyəm, xanın ailəsi və Ələkbər yoldaş da orada qalacaqdır. Salamat yaşayaraq razı qalacağımıza söz verirəm, – deyə fikrimi qıza daha ətraflı bir şəkildə anlatdım. Qızın titrək və mavi göz bəbəklərindən birər qətrə yaş düşərək, abı ipək donunun ətəklərində parçalandı. – Sizə inanıram. İradəli adamsınız. Özünüzdən də artıq mənim qeydimə qalacağınızı bilirəm. Lakin mən öz haqqımda göstərilən hörmətin səlahiyyətini qazanmadığım üçün utanıram, çünki bu yaxşılığın əvəzini gələcəkdə də verə bilməyəcəyəm; ancaq mənim həqiqi bir düşüncəm varsa, o da mənim sizinlə daimi tanışlıq etmək arzularımdan ibarətdir. Qız bunu dedikdən sonra mənim əllərimi sıxdı, onun qızğın əlləri mənə dillə söylənilməyən bir çox sözlər oxudu. Mən miss Hannanın bu səfərdən razı qaldığını, Livarcan yaylasına köçmək istədiyini xana və onun xanımına xəbər verdikdə onlar da xeyli məmnun qaldılar. Başqa hazırlıq lazım deyildi; xanın bir faytonu vardı, iki fayton da kirayə etməli idik. Fayton üçün karvarsaraya girdikdə Hicaz havasında ucadan Quran oxuyan bir adamın səsini eşitdim, təəccüb etdim. Atların kişnəməsi, eşşəklərin anqırması, arabaçılar və faytonçuların səsləri bir-birinə qarışdığı bir yerdə Quran oxuyanın kim olduğunu bilmək üçün yaxınlaşdıqda, dünən rus soldatının döydüyü Hacı Salmanı gördüm. Dünən bu hacının başına gələn əhvalatı xana söylədim. O gülərək dedi: – Bu Hacı Salman Culfanın yaxınlığında olan Daran kəndindəndir. Özü də çar casusudur. Ələmdar şəhərinin çar təbəəsi olan mülkədarlar tərəfindən qəsb olunmasına xidmət edən bu məlundur. Hər namazdan sonra bir cüz Quran oxumalı və əhalinin başını ağrıtmalıdır. Mömin və müsəlman çar casuslarına hər addımbaşında təsadüf edə bilərsən. Hazırda başlarında furaşka, əynində kostyum və yaxalıq gördüyün bu adamların hamısı iyirmi gün əvvəl əba və don geyən, saqqalını rəngləyən, barmağında əqiq üzük, təsbeh olan tacirlərdir. Bir neçə gündən sonra ingilislər gəlsə, başlarına ingilis qalpağı taxıb, ağızlarına trubka almağa hazırdırlar. – Yaltaq, meymun kimi təqlidçi bir xalqdırlar. Təqlidi bunlara öz din rəhbərləri öyrətmişdir. Faytonları danışdıq. Günəş qalxmamış, hava qızmamış Culfadan çıxmalı idik. Faytonların birinə xanla qadını, digərinə uşaqları ilə xidmətçisi, üçüncüsünə isə mən, miss Hanna oturub yola düşdük. Ələkbər yoldaş səhər tezdən Şüca kəndinə getmişdi, kənd yolumuzun üzərində olduğundan günorta Ələkbər yoldaşa qonaq olmalı idik. Bizim faytonumuz qabaqda gedirdi. Qız zərif əllərinə baxaraq: – Bəlkə, mən sizə rast gəlməyəydim, onda necə olardı? – dedi. – Təsəvvürə gətirə bilmirəm, mən İran səfərini bu qədər əngəlli bilməzdim. – Hər kəsə təsadüf etsəydiniz, mədəni bir qıza qarşı hörmətdən başqa bir hərəkətdə bulunmazdı zənnindəyəm. Qız: – Doğrudur, elə adam tapılardı, lakin o sizin kimi olmazdı, – dedi. – Nə üçün olmazdı? – Çünki siz başqa, başqası isə başqadır. Sizi hamı sevir, hörmət bəsləyir, mən birinci gündən buna inandım, bunun üçün də sizə hörmət bəsləyirəm. Mən bu hörməti indiyə qədər heç kəsə etməmişdim, gələcəkdə də etməyəcəyimə and içirəm. Təəssüf olsun ki, mən şərqli, siz isə amerikalı deyilsiniz, – qız bu sözləri deyərək, yenə də düşünməyə başladı. – Təəssüfə lüzum yoxdur, – deyə güldüm, – indi hər ikimiz Şərqdəyik. O, utanaraq: – Zənnimcə, yaşımızda da fərq azdır, – deyə əlavə etdi. – Bəli, burada da bir təsadüf mövcuddur, – deyərək fikrə getdim. Mən bu yolları bir neçə ay əvvəl Nina ilə getmişdim, indi o nə vəziyyətdə idi, necə yaşayırdı? Başına bir fəlakət gəlməmişdi ki? Ona bir bədbəxt hadisə üz vermiş olsa, onun səbəbi mən özüməm. Daha sonra mənə bağlanmaq istəyən amerikalı qız haqqında düşünürdüm. Bunun fəlakətinə və yollarda qalmasına səbəb yenə mən idim. Bu amerikalı qızdan Təbrizdə təqib etmək istədiyim məqsəd üçün istifadə xəyalına düşməsə idim, bunu Culfada iki gün ləngitməsə idim, indi bu qız uzun yolların əziyyətindən uzaqda, Təbrizdə olardı. Miss Hanna mənim dərin düşüncəyə daldığımdan şübhələndi və mənə müraciət ilə: – Siz mənim sözümdən incidinizmi? – dedi. – Hansı sözünüzdən? – Bəlkə də, özüm hiss etmədən sizin kədərinizə bais olacaq bir söz danışdım? – Xeyr, sizdən səmimiyyətdən başqa bir şey görməmişəm, onlar adi söhbətlərdir. – Yox, – qız etiraz etdi, – söhbətlərimizdə adilik yoxdur. Bu sözlər mənim qəlbimdən, qanımdan çıxan söhbətlərdir. Bu sözlərin xatirəsi məndə üzük qaşında yazılan və silinməsi mümkün olmayan nəqşə qədər davam edəcəkdir. Heyif ki, siz amerikalı deyilsiniz... – deyə yenə də qız təkrar etdi. Mən onun bu sözlərini eşitməməzliyə vurdum. Yenə də Nina yadıma düşdü. Mən Ninanın Təbrizdə dinc oturmayacağını, siyasi işlərlə məşğul olacağını bilir və nəticədə də bir fəlakət qarşısında qalacağından qorxurdum. Lakin faytonda davam edən sükutu uzatmaq doğru deyildi. Miss Hannanın titrədiyini, mənim sükutumun etinasızlıq kimi təbir olunduğunu hiss edirdim, buna görə də ondan soruşdum: – Atanız sağdırmı? – Bəli, sağdır, şərqşünasdır. – Ananız da sağdırmı? – Bəli sağdır. O, hələ gəncdir. Birinci çocuğuyam, ona görə də məni həddindən artıq sevir. – Hərgah onlar sizi çox sevirlərsə, nə üçün uzaq səfərlərə buraxırlar? Qız təəccüblə üzümə baxaraq, cavab verdi: – Çünki məni sevirlər, səyahətimin, təcrübəmin müsbət nəticələr verməsinə çalışırlar. Mən şərqşünaslıq fakültəsini bitirdim. Təcrübə səyahətləri keçirmək üçün Şərq ölkələrini intixab etdim. – Sizin, – deyə qızdan soruşdum, – bu səyahətinizin Amerika üçün bir əhəmiyyəti vardırmı? Qız mənə əyri-əyri baxaraq: – Nə demək istədiyinizi bilirəm, fikriniz doğrudur. Lakin o, İngiltərə-Rusiya müstəmləkəçiləri üçün nə qədər doğru isə Amerika haqqında doğru deyildir. – Nə üçün doğru deyildir? – deyə soruşdum. Qız əlini əlimin üstünə qoyaraq davam etdi: – Müstəmləkə ediləcək bir ölkənin əvvəlcə adəti, ənənəsi, dini, məfkurəsi, təriqəti öyrənilir, xalqının əhvali-ruhiyyəsi yoxlanılır, əqidələrin kütlə üzərindəki təsiri tədqiq edilir, bunlara əsasən də həmin ölkənin müstəmləkə planları tərtib edilir. Lakin bu üsul hər bir dövlət və hər bir müstəmləkəçi üçün əlverişli deyildir. Müstəmləkəçilik, yalnız bir ölkəni, bir xalqı tamamilə öyrənməklə tamamlanmayır. Coğrafi və etnoqrafik cəhətlər də müstəmləkəçilik işində mühüm rol oynamaqdadır. İranda müstəmləkəçilik siyasəti aparmaq üçün Amerika hökuməti son iki cəhətdən məhrumdur. – Elə isə sizin İrandakı səyahətinizin nə kimi bir əhəmiyyəti ola bilər? – Bu səyahətin həm İran, həm də Amerika üçün böyük əhəmiyyəti vardır. Mən sizə əvvəlcə biz siyasi məsələlərdən uzaqdayıq, demişdim, indi isə özümüz də hiss etmədən söhbətlərimiz incə nöqtələrə varmışdır. – Zənnimcə, burada heç bir siyasi məsələ yoxdur. Burada yalnız səmimi bir söhbət vardır. Çünki bura nə iclasdır, nə də mitinqdir, elmi akademiyanın kabineti də deyildir. Qız gülərək: – Siz bunu səmimi söylədiyiniz kimi, səmimiyyətə də inanırsınızmı? – Buna vicdanımla söz verirəm. Bu tanışlıq davam etdikcə səmimiyyətimiz də yüksələcək və möhkəm olacaqdır. Qız bir az düşünərək dedi: – İstər Amerika, istərsə Almaniya hökumətlərinin İrandakı fəaliyyətində əvvəlincilər üçün xarici, İran üçün isə daxili mənfəəti vardır. Almaniya İranda rus mənafeyinə qarşı təşəbbüslərdə bulunur, o, Rusiyanın İranda almaq istədiyi bir çox imtiyazlara müştəri çıxır, nəticədə İran Rusiyaya imtiyazlar verirsə də, qismən özü üçün əlverişli bir surətdə verə bilər, çünki Rusiya öz qarşısında Almaniya kimi rəqib gördüyündən güzəştə məcbur olur. Bununla da İranın boynuna keçirilən boyunduruğun ağırlığı qismən azalmış olur. Amerikalılar da sizin vətəniniz üçün zərərli deyildir. İstər Almaniya, istər Amerika və bunların hər ikisi İranın hakimləri kəsilən İngiltərə və Rusiyadan bir şey qoparmaq və öz mənafelərinə qarşı güzəştə məcbur etmək siyasətini daşıyırlar ki, bu da bir çox hallarda İran üçün faydalıdır. – Zatən bunlar da eyni müstəmləkəçilərdəndir, deyə sözünü kəsdikdə: – Doğrudur, – deyə qız cavab verdi, – lakin alman, Amerika kapitalistləri müstəmləkəsi olsalar da, ruslar və ingilislər kimi həris müstəmləkəçilərdən deyildirlər. Almaniyanın Türkiyədə apardığı cahangirlik siyasəti də Şərqdə İngiltərə hegemoniyasını qırmaq üçündür. Almaniyaya Bağdad dəmiryolu lazımdır, çünki Almaniya Rusiya və Əfqanıstandan keçib Hindistana girə bilməyəcəkdir. Ona Bağdad dəmiryolu daha əlverişlidir. Bu dəmiryol vasitəsilə Almaniya orduları heç bir tələfat vermədən Hindistan qapılarını döyəcəkdir. Qız sözünü bitirib sükuta dalmışdı, indi o məndən cavab gözləyirdi. Mən isə uzun cavab verə bilməyəcəkdim, çünki Şüca kəndinə yaxınlaşırdıq. – Elədir, xanım qız, – dedim, – lakin Almaniya Türkiyə vasitəsilə Hindistana səfər edərkən Türkiyənin nə vəziyyətdə qalacağını da düşünməliyik, Napoleon Almaniyadan keçib Rusiyaya səfər etdiyi vaxt Almaniya nə vəziyyətdə qalmışdısa, Almaniya Türkiyədən keçib Hindistana getdiyi zaman da Türkiyə həmin vəziyyətdə qalacaqdır. Qabaqdan dörd nəfər atlı gəlirdi. Söhbəti kəsdik. Atlılar gəlib yetişdi. Ələkbər yoldaş öz əmisi oğlanları ilə bizim istiqbalımıza gəlmişdi. Şüca kəndinə girdik, Ələkbər yoldaşın ikimərtəbəli evi qarşısında faytonlardan endik. Hava sərin idi, xəfif bir yel əsirdi. Əl-üzümüzü yuduqdan sonra get-gedə Culfanın istisini unutmağa başladıq. * * * Adət üzrə ev sahibi qonaqların ayaqlarını yumaq tədarükünü gördü. Miss Hanna buna razı olmadıqda: – Adətləridir, adətdən qaçmaq onları təhqir etmək deməkdir, – dedim. Miss Hannanın ayaqlarını Ələkbər yoldaşın gənc arvadı yuyurdu, mənim ayaqlarımı isə başdan-ayağa qədər qaralara bürünmüş matəmli bir qadın yumaqda idi. Mən bu qadını tanıdım. Bu, rəhmətlik Haqverdi yoldaşın arvadı idi. Mən özümü ələ ala bilmədim, bu qara paltar İrandakı birinci kəndli üsyanını və onun xain əllərdə boğulduğunu nəzərimdə canlatdı, ağladım. Haqverdi yoldaşın arvadı da ağlayırdı. Gözlərindən axan yaşlar əlindəki qabın suyuna qarışaraq ləyənə tökülürdü. Bunu görüb bütün evdəkilər və qonaqlar ağlamağa başladılar. Evin balkonu bir matəm məclisi şəklini aldı. Məsələdən xəbəri olmayan miss Hanna da dəhşətindən gözünün yaşını axıdırdı. – Söyləyin, Allahı sevirsinizsə, söyləyin. Bir bədbəxt hadisəmi üz vermişdir? – deyə soruşdu. Mən əlimdəki üz dəsmalı ilə üzümü silərək otağa girdim, miss Hanna dalımca otağa gəldi və bir daha: – Söyləyin, nə hadisə üz vermişdir? – deyə yalvardı. – Dinləyin, miss, – deyə anlatmağa başladım. – 1908-ci ilin dekabrında Culfada böyük bir kəndli üsyanı olmuşdu. Bu üsyan İran Azərbaycanında birinci və tarixi bir üsyan idi. Üsyan bir mülkədara qarşı başlanmışdı. Culfa və indi bizim olduğumuz Şüca və qonşuluqda olan Gərgər adlı şəhər və daha əlliyə qədər kənd haman mülkədarın idi. Mülkədar çar təbəəsi olduğundan yerli qanunlara tabe olmayır, bütün məhsulun 70 faizini kəndlinin əlindən alıb onu dilənçi halına salır və son vaxtlar yaxında olan Ələmdar şəhərinə sahib olmağa və İran hökumətini zorlamağa başlayırdı. Haman qara paltar qadının əri Haqverdi bu yerin məşhur üsyan rəhbəri idi. O, ağalara qarşı böyük və silahlı bir üsyan təşkil etdi. Oxumamış olduğu halda, böyük təşkilatçı idi. O, mülkədarı Allah hesab edən və ona qarşı üsyana cürət etməyən xalqı inandırmağı və təşkil etməyi bacarırdı. Dekabr ayında ağalar kəndli hərəkatını dayandırmaq üçün Təbrizdən Culfaya gəlmişdi, lakin üsyan başında duran Haqverdi heç bir vəchlə barışmaq istəmədi. İxtilaf əsnasında çar təbəəsi olan gəncəli mülkədarların qardaşı Ağarza Haqverdini öldürdü. Xanım qız, İranda bu cür hadisələr çoxdur. Mən sizə ancaq bircəsini söylədim. Hazırda haman mülkədarın tərəfdarı olan qolçomaqlar yenə də Haqverdi yoldaşın tayfasını rahat buraxmayır, Ələkbər yoldaşı da onun əmisi oğlu olduğu üçün təqib edirlər. Hətta onun yaxın qohumlarından Hacı Hüseyn, Məşədi Tağı və sairələri də ağanın casuslarıdır. Bu sözlərdən sonra miss Hanna məni bir daha təpəmdən dırnağıma qədər nəzərdən keçirərək: – Siz mənə inanın, siz adi bir iranlı deyilsiniz, mən də sadə bir amerikalı, – dedi. – Gələcək hər bir işi həll edəcəkdir, – deyə mən qızın əlini oxşayaraq davam etdim. – Bu gün bizim tanışlığımızın beşinci günüdür, bu da iki gəncin bir-birini tanıya bilməsi üçün çox qısa bir müddətdir. Bu sözlərlə Hannanın qolundan tutub balkona çıxartdım. Həyətdə qoyun kəsmişdilər. Samovar hazırlanmışdı, lakin çaya meylimiz yox idi. Hamı su içmək istəyirdi. Buna görə də masanın üzərinə böyük bir mətrət buzlu ayran qoyulmuşdu. – Bu nədir? – deyə miss Hanna Ələkbər yoldaşdan soruşdu. – Buzlu ayrandır, biz yayda çox az su içirik. – Buz zərərli deyilmi? – Buzu ayranın içinə salmamışıq. Ayranı buz içərisində soyutmuşuq. – Buz bura haradan gəlir? – Bizim getmək istədiyimiz Livarcandan gətirirlər. Culfada gördüyünüz buzlar da buradan aparılır. Miss Hanna ayrandan içdi və çox xoşladı. Lakin xanın arvadı bir stəkandan artıq içməsinə mane oldu, çünki o öyrənməmişdi. Axşam sərinləri düşənə qədər kababdan başlayıb plova qədər süfrəyə hər cür yemək gəldi. Balkon sərinlədiyindən xanın arvadı çiyninə bir rus şalı salmışdı, miss Hanna da plaşını çamadanından çıxartmağı düşünürdü. Bu halda Ələkbər yoldaşın xanımı miss Hannanın çiyninə qayət əntiqə və qiymətli bir Kirman şalı saldı. Ələkbər yoldaş qıza müraciətlə: – Xanımın sizə verdiyi hədiyyə qiymətli bir hədiyyə olmasa da, yenə o sizə bizim ailəmizi və mənim əziz qonağımı – məni göstərərək – xatırladacaqdır, – dedi. Qız razılıq etdi, şalı bir daha diqqətlə gözdən keçirdi. Gün hələ batmamışdı, faytonları qoşdular, vidalaşdıq. Haqverdinin arvadı yenə də ağladı, lakin Ələkbər yoldaşın anası: – Qızım, müsafirin dalınca ağlamaq yaxşı deyildir, – deyə onu sakit etdi. Faytonlara oturduq. Ələkbər yoldaş da dörd nəfər silahlı əmisi oğlanları ilə bərabər atlandı. Yolumuz gecə və həm də dağlar, dərələr arasından olduğu üçün onlar bizi Livarcana qədər müşayiət edəcək idi. * * * «Şahın bibisi oğlu» Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı. Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı. Görüşdük. Mən, poçt müdiri və xan faytondan düşüb piyada gedirdik, xanımlar isə faytondan düşməmişdilər. Yolun hər iki tərəfində xanın rəiyyətləri sıra ilə durmuşdu. Onlar faytonlara təzim etdikcə mən İranda hökm sürən köləlik dövrünün bu şəklini gözdən keçirdim. Uzun küçələr Livarcanın böyük şəhər olduğunu bildirirdi. Faytonumuz fənərlərlə işıqlanmış böyük bir qapıda dayandı. Bura Hacı xanın yaşadığı bina idi. Dərhal hər faytonun qabağında bir qoyun qurban kəsildi. Qurban kəsilincə dayandıq, qoyunlar kəsiləndən sonra cəmdəklərin üzərindən addayıb keçməli idik. Poçt-teleqraf müdiri əvvəlcə keçməyi mənə təklif etdi, mən etiraz etmədim. Etirazım Hacı xanın şərəfinə toxuna bilərdi. Qurbanın üstündən addadım, miss Hanna da addayıb keçdi, şübhəsiz ki, şərqşünas qız Şərqin qurban adətini bilməmiş deyildi. Geniş və meşəliyə bənzəyən bir bağa girdik. Ətrafında ər-ər ağacları düzülmüş geniş xiyabanda bir neçə dəqiqə yol getdik. Xiyaban böyük fənərlərlə işıqlanmışdı. Uzun və daş döşəməli bir balkona çıxdıq. Biz balkonla avizəli və böyük lampalarla işıqlanmış otaqların qabağından keçərək gedirdik. Qadınlar bir otağa, biz isə başqa bir otağa girdik. Yuyunub yol paltarımızı dəyişdikdən sonra Hacı xanın uzun və zəngin tənabisinə keçdik. Salonun zəngin xalçaları, pərdələri, avizələri mənə «Min bir gecə» hekayələrində oxuduğum və dünyada mövcud olmadığını hiss etdiyim Bağdad saraylarını, daha açığı, Abbasilər xilafətinin hərəm dairələrini andırırdı. Bu zənginlik bir mülkədarın əhatə edə biləcəyi zənginlikdən daha geniş idi. Bura bir neçə kəndi yox, İran kimi zənginliklər və asari-əntiqələr ölkəsini istismar edən bir əlin hakim olduğunu hiss etdirirdi. Miss Hanna salona gec gəldi, xanın oğlunun dediyinə görə, xanın arvadı, gəlinləri və qızları miss Hannanın ətrafına toplaşaraq, onu öz yanlarından buraxmaq istəməyirlərmiş. Miss Hanna poçt-teleqraf müdirinin arvadı ilə bərabər salona girdi. O, irəlilədikcə qızıl alovlu şamları olan böyük avizənin şəfəqlərinə yaxınlaşır və şəfəqlərdən rəng alan ağ ipək donu ilə əlvan bir vəziyyət alırdı. Mən qızın Hacı xanla nə cür görüşüb tanış olacağı ilə maraqlanır və əcəba, qız qoca Hacı xanla bir qərbli və ya bir şərqli kimimi rəftar edəcəkdir? – deyə düşünürdüm. Miss Hanna əvvəlcə salona farsca ümumi bir salam verdi. Bundan sonra miss Hanna Hacı xana yanaşıb onun əlini tutdu və əlindən öpdü, Hacı xan isə əlini onun saçlarına toxunduraraq: – Bərəkallah, qızım, – dedi və oturmasına icazə verdi. Mən bu amerikalı qızın nə qədər bacarıqlı, ədəbli, gözəl, munis bir qız olduğuna təəccüb etməsəm də, Şərqi öyrənmək istəyən kapitalist dövlətlərin bu kimi hazırlığına təəccüb etməyə bilməzdim. 20 yaşında bir qızın Şərqin əhvali-ruhiyyəsini öyrənməsi, özünü bir Şərq qadını kimi aparması olduqca maraqlı və bir aktyorun səhnədə oynaması kimi maraqlı idi. Xan qıza müraciətlə: – Bizi sərafraz buyurmuşsunuz, sizin təşrifiniz münasibətilə özümüzü bəxtiyar hesab edirik. Əfv edərsiniz, kiçik bir qəsəbədə yaşadığımız üçün mədəni məmləkətlərdən gələn əziz qonağı mədəni bir halda rahat edə bilməyə qadir deyilik, – dedi, – varımız bundan ibarətdir, amma siz özünüzü atanızın evində olduğu kimi hiss edə bilərsiniz. Biz miss Hannanın Hacı xana nə cavab verəcəyi ilə maraqlanırdıq. Hacı xan Şərqin mehmannəvaz bir şivəsi ilə danışdı, qız isə bir amerikalı olduğundan Şərqin bu kimi rəsmi təarifinə qarşı hansı üslubda danışa bilərdi? Hacı xan qızın farsca anladığını, farsca danışdığını bilsə də, onun bir fars qızı şivəsi ilə hərəkət edəcəyini bilmirdi. Odur ki, qız danışmağa başlarkən Hacı xan tamamilə heyrət içində qaldı. – Şərqin unudulmaz və başqa ölkələrdə təsadüf edilməyəcək bir xüsusiyyəti vardır, – deyə qız sözə başladı, – o da mehmanpərəstlik, mehmannəvazlıq, munislik, mütəvazölik, kiçiklərə qarşı mərhəmət, böyüklərə qarşı hörmətdən ibarətdir. Şərqdə digər bir xüsusiyyət də vardır ki, onu da deməyə icazənizi istəyirəm, – deyə qız bir az düşündü. – Bəfərma, düxtəri-mehribanəm – deyə Hacı xan onu təşviq etdi. – Nədənsə, insan şərqlilərə tez öyrəşir. Onlara yaxınlaşmaq nə qədər böyük bir səadətdirsə, onlardan ayrılmaq da o qədər çətindir. Qızın bu sözlərindən xan və xanın oğulları çox razı qaldılar. Çaylar tökülməyə başladı. Hər şeydə bir xaruqəladəlik nəzərə çarpırdı. Firuzə başlı nargilələrin səsi, açıq pəncərənin qabağında vuran fəvvarənin fışıltısı, altun qaşıqların stəkanlardakı hərəkəti, xülasə, indiyə qədər xəyalıma gətirə bilmədiyim bu mənzərə mənə bir daha: «Hər kiçik qəsəbəsində Böyük Britaniyanın «Birminham» sarayını düzəldən və özünü daxili zənginliklər içərisində nazladan Şərq, hələ bir çox illər bundan sonra da öz xarici düşmənınə qarşı mübarizə xəyalına düşməyəcəkdir!» – sözlərini təkrar etdirirdi. Miss Hanna mənim qulağıma bir şey pıçıldadı, bunu Hacı xan hiss edincə: – Kiçik xanım nə istəyir? – deyə soruşdu. Mən xanın sualının cavabını verə bilmədim, çünki qız Şərqdə intişar tapa bilməyən bir təklifdə bulunaraq «nə üçün cənab xanın qızları və gəlinləri çay masasında iştirak etməyir?» – deyə soruşurdu. Xan sualı hiss edirmiş kimi cavabını gözləmədən: – Adətləri belədir, lakin mən bu adətin tərk olunmasına tərəfdaram. Hər şeyimiz mədənidir, libasımız, qiyafətimiz, ev yaşayışımız hamısı avropalı həyatı şəklini almaqdadır. Lakin örtülülük məsələsi əvvəlki şəklində qalır. Bu da bizim hələlik zahirən mədəni, daxildə isə ibtidan həyat keçirməkdə olduğumuzu göstərir. Bunu da deməliyəm ki, qızlar analarından, gəlinlər isə oğlanlarımdan asılıdır, – dedi. Xanın oğulları yerə oturmamışdı, ayaq üstündə durub atalarının əmrini gözləyirdilər. Poçt-teleqraf rəisinin dediyinə görə, nə oğlanlar, nə qızlar, nə də gəlinlər bir kərə də olsa, Hacı xanın icazəsi olmadan yerə oturmamışdılar. Bundan sonra xan oğullarını irəli çağırdı və: – Əyləşin – dedi. Əvvəlcə Məhəmmədəli xan Əminülləyalə, ondan sonra kiçik oğlu Fətəli xan Səmsamüləşkər irəli gəlib əyləşdilər. Yenə də bir az sonra xan onlara müraciətlə: – Xanımlarınızın və bacılarınızın gəlməsinə icazə verirəm, buradakı xanımların da meyli bunadır, – dedi. Oğlanlar təzim edərək salondan çıxdılar, bir azdan sonra xanın iki gəlini, iki də qızı salona girib salam verdilər. Onların dördü də cərgə ilə durdu, mən onlara baxdıqda qarşımda sanki əlvan ipəklərə bürünmüş dörd tovuz quşunu gördüm. Gəlinlər bir-birinə bənzəyirdi. Onlarda bir fərqi vardısa, o da böyüklük və kiçiklikdə idi. Poçt-teleqraf rəisi bunların iki bacı olub, iki qardaşa ərə getdiyini söylədi. İstər Hacı xanın qızları, istərsə gəlinləri bir paltarda, bir qiyafədə və bir biçimdə idilər, dördü də yaşıl ipəkdən don geymişdi, paltarların modası da köhnə modalardan deyildi. Hacı xan bir kərə: – Qızlarım çay büsatını idarə edin, – deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. Təəccüblü burasıdır ki, gəlinlər salonda olduğu müddətdə oğlanların heç birisi salona gəlmədi. Biz çay içirdik, Hacı xan, Ələkbər yoldaş və poçt-teleqraf rəisi də qəlyan çəkirdi. Çay bitincəyə qədər qızlar və gəlinlər salonda qaldılar. Onlar özlərini olduqca azad hiss edirdilər, utanmırdılar və başqaları kimi başlarını aşağı salmırdılar. Gəlinlərin Tehranda yaşayıb, Tehranda da oxuduqlarını söylədilər. Onlar ancaq hər il yayı Livarcana gəlirlərmiş. Böyük gəlinin adı Sərvinaz, kiçik gəlinin adı isə Səmənsa xanım idi. Qızların böyüyü Mişkbu, kiçiyi də İrandüxt xanım idi. Hacı xanın böyük oğlu Tehranda maliyyədə, kiçik oğlu isə hərbi idarədə xidmətdə idi. Gecə saat birdə şam süfrəsinə oturduq. Süfrədə bizim ayağımıza kəsilən qurbanların ətindən görmədim. Bütün xörəklər toyuq ətindən hazırlanmışdı. Süfrədə içki adına yalnız şirin və ətirli şərbətlər var idi. Biz şam süfrəsindən qalxmaq istədikdə Hacı xan bizə müraciət ilə: – Mən hər gün axşam yeməyindən sonra bir az eyvanda gəzişirəm, – dedi. Biz də onunla balkonda gəzişdik. Yarım saatdan sonra poçt-teleqraf rəisinin arvadı ilə miss Hanna bir otağa, rəislə mən də başqa bir otağa çəkilib istirahət etdik. * * * Hacı xan Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək: – Cənab xan, hamam hazırdır, – dedi. Xan bizə müraciətlə: – Bu gün hamama heç kəs buraxılmayacaq, axşamdan əmr vermişəm. Nə qədər xanımlar yatmışdır, siz buyurub yuyuna bilərsiniz, – dedi. Otağa qayıdıb alt paltarlarımızı hazırladıq. Xanın nökərləri boğçalarımızı götürdü və hamama getdik. Ağ mərmərdən tikilmiş qayət təntənəli bir hamam idi. Səkidə salınmış fərşin üstündə oturduqda iki nəfər hamam xidmətçisi gəlib bizim paltarlarımızı soyundurmaq istədi. Biz razı olmadıq. Bu xidmətçilər hamamdan çıxanda da bizi geyindirmək istədi. Görünür ki, xanın özü, oğlanları hamama gələrkən hər işlərini bu xidmətçilər görürmüş. Hamamdan qayıtdıq, çay süfrəsi hazır olsa da, ətrafında oturan yox idi. Miss Hanna otaqdan çıxaraq məni çağırdı, hamama gedib-getməməsini soruşdu, mən hamamın təmiz olduğunu söylədim və onun getməsini məsləhət gördüm. Xanımlar hamamdan qayıdıncaya qədər biz bağı dolaşdıq. Hacı xan söhbətə başlayaraq: – Ağalar, əslinə baxsanız, ağalıq, mülkədarlıq və rəiyyət saxlamaq həvəsindən düşmüşəm, bunun üçün də on dörd kəndimi dəyər-dəyməzinə satdım, əlimdə qalan beş kənddən də təngə gəlmişəm, – dedi. – Nə üçün, cənab xan? O, bir ah çəkərək dedi: – İranda mülkədar olmaq üçün iranlı olmaq yaramaz. Çar təbəəsi olmalısan. Mənim kəndlərimin arasında çar təbəəsi olan gəncəli Məhəmmədovların xaraba bir kəndi vardır, kəndin bütün gəliri əlli xalvar arpa-buğdadan ibarət idi. O xaraba kəndin vasitəsilə də gəncəlilər minlərcə xalvar gəliri və minlərcə nüfusa malik olan kəndlərimi əlimdən aldılar. Mən təəccüblə bunun səbəbini soruşdum. – Kəndimin suyunu kəsdilər, rəiyyətlərini öyrədib kəndlərimin taxıllarını otardılar, şərarət işlər görüb kəndlilərimin həbs edilməsinə səbəb oldular, müxtəsər, kəndliləri dilənçi halına saldılar. Mən onların məqsədini bilirdim: onlar kəndimi dəyər-dəyməzinə almağa çalışırdı. Doğrusu, mən rəiyyətin bu ağır vəziyyətinə dözə bilmədim. Mənim səbəbimə onlar olmazın fəlakətlərini gördülər. Kəndlilər qorxusundan öz bağına, öz əkininə çıxa bilmirdi. Gəncəlilərin rəiyyəti harada Hacı xan rəiyyətini görürdüsə, başını parçalayırdı. Mən Hacı xandan: – Hökumətə müraciət etmədinizmi? – deyə soruşdum. – Hökumət kimdir ki? Bizim özümüz hökumətik. Mənim anam Abbas Mirzə Nayibsəltənənin qızıdır: o, atasından sonra doğulduğundan bütün Qacar xanədanı onu sevirdi. Hacı xanım bütün İranda məşhurdur. Nəsrəddin şah ona bibi deyərək əlindən öpərdi. Müzəffərəddin şah da Təbrizdə vəliəhd olduğu zaman anam gəlmədən süfrəyə oturmazdı. Mən gəncəlilərin zülmündən şikayətə getdim. Özüm də Təbrizə gedəndə Müzəffərəddinin evində mənzil edərdim. O da mənim dərdimə çarə tapa bilmədi: «Sat, yaxanı qurtar, çar təbəəsidirlər, həyasızdırlar, şərarətçidirlər», – deyə məni yola saldı. Ona ikinci dəfə müraciət etdim, yenə: «Mülkünü sat onlara, başqa yerdə sənə kənd verim», – dedi. Müxtəsər, kəndlərimi satmaq üçün Təbrizə getdim, hər kəsə təklif etdimsə, «Qonşun çar təbəəsidir, bacara bilmərik», – deyə kəndlərimə qiymət vermədilər. Almaq istəyənləri də adam göndərib qorxutdular. Axırda onlara qonşu olan üç kəndimi yüz min tümənə satdım; halbuki üç kəndin birillik gəliri 150 min tümən idi. – Bununla yaxanız qurtardımı? – deyə soruşdum. – Xeyr, onlar iki il babat keçindilərsə də, sonra başqa kəndlərimdə də həmən əvvəlki oyunları başladılar. Axırda kəndliləri üzərimə qaldırdılar. Mən kəndliləri təqsirləndirmirəm, onların da haqqı var, çünki mənim əlimdə qaldıqca əziləcək idilər, axırda satdım, qurtardım, onlara qonşu olan bütün kəndlərimi dəyər-dəyməzinə əllərinə keçirdilər. – Bəs indi necə yola gedirsiniz? – Bəli, əl çəkmişlər, çünki qonşuluğumuz yoxdur. Bir də onlar böyük işlərlə məşğuldur. Gərgər kimi şəhəri udub, indi də Ələmdarı yemək istəyirlər. Ələmdar alınarsa, ondan sonra növbə mənim əlimdə olan Livarcanındır. Hazırda Livarcanda gəncəlilərin əllidən artıq casusu vardır, – deyə xan bir ah çəkdi. – Ağa müxtəsərcə deyim ki, bu saat İranda kəndli də məzlumdur, mülkədar da məzlumdur. Çünki hökumət zəifdir, müdafiə edənimiz yoxdur. – Nə etməli. Uşaqlar böyümüşdür, qızlar da nişanlanmışdır, ərləri Tehranda böyük iş sahibidir. Burada yaşamaq imkanı olmazsa, yığışıb Tehrana gedə bilərəm, lakin bu bağlara, bu gözəl qəsəbəyə heyfim gəlir, xüsusən anamın yadigarı olan bu binanı buraxıb gedə bilmirəm. Biz bağçadan qayıdıb balkona çıxdıqda xanımlar da hamamdan gəlmişdi, oturub çay içdik. Çaydan sonra Hacı xan: – İndi də buyurun, anama atası Abbas Mirzədən yetişən mirasa tamaşa edin! – dedi. On iki otaq ziyarət etdim, hamısı döşənmişdi. Hacı xan yerə döşənmiş xalçaların tarixini oxuyurdu. Hacı xan digər bir otağı da açaraq: – Bu da rəhmətlik anamın otağıdır, bu otaqda olan şeylərin hamısı babamdan qalan şeylərdir, – dedi. Tarixi iki yüz ili keçən xalçaların rəngi belə solmamışdı. Böyük salona ancaq üç böyük xalı döşənmişdi. Kiçik və ipək xalçalar bükülüb güvə deməmək üçün tütünə qoyulmuşdu. Fil sümüyündən qayrılmış və ətrafına yaqut və firuzə düzülmüş qayət incə bir çarpayı qoyulmuşdu. Üstündə qələmkar yorğan, zərrin yastıq, qiymətli məxmər döşək olan bütün yatacağın hər tərəfi inci və zümrüd daşları ilə toxunmuşdu. Əntiqə şeylərdən birisi də Abbas Mirzənin qələmdanı idi. Qələmdanın üzərində Abbas Mirzənin Gəncəyə hücumu təsvir edilmişdi. Abbas Mirzənin müharibə səfərlərində boynuna həmayil etdiyi müzəhhəb Quran. Öz yazdığı əlli səhifəlik «Tarix-Nadir», öz əlilə çəkdiyi rəsmlərin və tabloların hamısı göndən tikilmiş bir sandıqçanın içində saxlanırdı. Atlaz bir boğçaya bağlanmış qəbalələr, məktublar, əl yazıları daha maraqlı idi. Abbas Mirzənin «Nayib» təxəllüsü ilə yazdığı bir çox şeirlərə təsadüf etdik. Şeirlərin əksəriyyəti türkcə idi. «Bunların heç birinin təzkirədə göstərilməməsinin səbəbi də türkcə yazıldıqları üçündür», – deyə Hacı xan bir ah çəkdi. Mən türkcə bir neçə şeirini yazdım, eyni zamanda Füzulidən təxmis etdiyi bir beşləməsinin də surətini götürdüm. Türkcə yazdığım şeiri bundan ibarətdi: Bəzmi-mey xali deyil, heç bir zaman əndişədən, Mey deyildir, əşki-həsrətdir süzülmüş şişədən. Ləblərimdə xun-nahaqdan haram olsun şərab, Bir də sənsiz badə alsam saqiyi-bədkişədən, Nayibi sərgəştəyəm, min dəfədir xərrati-eşq, Cismi-bimiqdarımı yonmuş, keçirmiş tişədən. Füzulinin məsnəvisindən müxəmməs halına gətirilmiş beşləməsi də: Eyləsə min tənə gər eşqimdə mərdu zən mənə, Eylə rüsvayəm ki, rüsvalıqdadır məmən mənə. Kimsədən qorxmam, bəla gəlsə gəlirindən mənə. «Karügər düşməz xədəngi təneyi düşmən mənə. Kəsrətü peykanın etmişdir dəmirdən tən mənə». Sinəmə min tirü düşmən dəysə olmaz karügər, Qətlimə ancaq o bir tək navəki-müjgan yetər. Mən şəhidi-xəncəri-fovladi-eşqəm müxtəsər. «Andanam rüsva ki, silab-sirişkim çak edər, Zəxm tiğin qanı geydirdikcə pirahən mənə». Fərqsizdir rəhmsiz dövranın eyşi-matəmi, Zəhridən aludə qılmışdır dəmadəm badəmi, İstirahətgahim olmuş sevdiyim eşq aləmi. «Eymənəm səngi məlamətdən kim alıb dövrəmi. Oldu zənciri-cünun bir həlqeyi ahən mənə». Zövqsiz dünyada bir zindanım olmuş hər cəhət, Nayibəm, tale mənə zindani görmüş məsləhət. Olmasa gər eşq təsirində hər bir məmləkət, «Ey Füzuli, odlara yansın büsati-səltənət Yeydir ondan haq bilir, bir guşəyi-gülxan mənə». Abbas Mirzənin canamazı, Fətəli şahın inci təsbehi, Məhəmməd şahın ənfiyadanı, qəlyanı, üzüyü, Abbas Mirzənin anasının boyunbağısı, qolbaqları, qızıl və bahalı daşlarla bəzənmiş araqçınları, üzükləri və sair şeyləri gözdən keçirdik. Şeylərin hamısına baxıb qurtarmaq mümkün olmadı. Hacı xan qoca olduğu üçün bunların barəsində məlumat verməkdən yorulmuşdu. Biz otaqdan çıxdıqda miss Hanna mənə dönərək: – Milyonlarla qiyməti olan bu tarixi sərvət daş otaqlar içərisində ölüb-gedir, – deyə təəssüf etdi. Buna hər kəs təəssüf edə bilərdi. Başqa otaqları da gəzdik. Əntiqə şeylərin həddi-hesabı yox idi. Hacı xan bir ah çəkərək dedi: – Dünyanın sərvəti babamın əlində idi: padşah onu göz bəbəyi kimi sevirdi. İran dövləti ilə işi olan hər bir hökumət qabaqca babama müraciət edərmiş. İndi isə onun övladı gəncəli Məhəmmədovların əlindən başını götürüb bir tərəfə qaçmağa hazırlanır. Zəmanənin üzünə lənət! * * * Biz bu gün çaydan sonra Livarcanın içərisinə çıxıb şəhəri seyr etməyi Hacı xandan rica etdik. O, Süleyman adlı bir xidmətçisini bizə qoşdu. Qapıda əllərində və yanlarında quzu, cücə, toyuq, yağ, qatıq, yumurta, meyvə və sair şeylər olan bir çox kəndlinin durduğunu gördüm. – Bunlar kimdir? – deyə nökərdən soruşdum. – Bunlar Hacı xanın rəiyyətləridir, xanın əziz qonağı olduğunu eşitdikləri üçün hədiyyə gətirmişlər. Bunların çoxu xanın satdığı kəndin rəiyyətlərindəndir. Onlar yenə də Hacı xanı öz ağaları bilir, həmişə də öz dərdlərini Hacı xana ərz edirlər. Xan da yaman gündə bunlara əl tutur, – dedi. – Hacı xanın gəliri çoxdurmu? – Sayını bircə Allah bilir. Yalnız Livarcanın gəliri xanın ölüsünə də bəsdir, dirisinə də. Xalisə torpaqlarından gəlir, rəiyyətlərindən vergi alır, öz bağları gəlir verir, rəiyyət bağlarından vergi alır, buzxana və hamamlardan qazanır, nə başını ağrıdım, karvansaralar, bütün bazar, dükan Hacı xanındır. Onlar da gəlir verir. Suların gəliri, çeşmələrin gəliri. Livarcan bazarı Ələmdar bazarından böyükdür. Həftəbazarına yüz kəndin adamı gəlir. Gələnlərin hamısı vergi verir. Ağa, müxtəsər ki, bura çox gəlirli yerdir. Bunun üçün də xanın düşmənləri buraya diş qıcadıblar. Küçələrdə dərviş oxuyurdu, ətrafına toplananlar bazar əsnafı və bir də işsiz-gücsüz adamlar idi. Çayxanalar, aşpaz dükanları başqa İran şəhərlərində olduğu kimi idi. Bazarı gəzib fikir verdim, bura bir şəhər həyatı keçirsə də, başqa şəhərlərin bazarında təsadüf edilən adətlərin bəzilərini burada görmədim. Tiryək çəkən yox idi, deyildiyinə görə, tiryək buraya sirayət etməmişdi. Nökərin dediyinə görə, burada qumarbazlıq çox intişar tapmışdı. Hətta başqa yerlərdən buraya qumar oynamağa gələnlər varmış. Məktəbə getdik, məktəb gözəl bir məsciddə yerləşirdi. Fəqət məktəbə lazım olan şeylərdən burada heç biri yox idi. Uşaqların döşəkləri qamışdan toxunmuş həsir üstünə salınmışdı. Pəncərənin qabağında qoyun dərisi salıb oturmuş müəllimin qarşısında ağ bir mərmər vardı, uşaqlar kitablarını bunun üzərinə qoyub oxuyurdular. Müəllim bizim yanımızda bir çoxlarının dərsinə qulaq asdı. Uşaqlardan birisi belə dərsini rəvan oxumurdu, onlar qorxur və şaşırırdılar. Dərs oxuduqları zaman bir gözləri axundun yanında qoyulmuş «tərbiyə alətləri»ndə – çubuqlarda və fələqqədə olurdu. Biz bunu müəllimə anlatdıqda o belə cavab verdi: – Əzzərb-zinətüttəlim – yəni kötək təlimin zinətidir. Biz yenə də Hacı xan sarayına qayıtdıq. Yenə də balkonda oturduq, poçt müdiri və Ələkbər yoldaş da gəlmişdi. Bir azdan sonra poçt müdiri: – Məşğuliyyət lazımdır! – dedi. Hacı xan nökərlərini çağırıb: – Qumar dəsgahını gətir, – deyə əmr etdi. Xidmətçi gümüş bir padnos gətirdi, padnosun içində bir dəstə qumar kağızı, bir də gümüşdən qayrılmış uzunsov bir qutu var idi. Hacı xan eynəyini çıxarıb gözlərinə taxdı, poçt-teleqraf müdiri qumar kağızlarını açaraq düzəltdi, sonra Hacı xan həmin gümüş qutunu açıb, içindən qızıldan qayırılmış, yaquta, zümrüdə, firuzəyə tutulmuş bir maşa çıxartdı. Mən təəccüb etdim. «Burada tiryək çəkilməyəcəkdi, əcəba, maşa kimə lazımdır?» – düşünürdüm. Oyun başlandı, Hacı xan qumar kağızlarına əl vurmayaraq, maşa ilə çevirirdi, o mənim heyrət etdiyimi duyaraq: – Mən ziyarətə getdiyim vaxt qumara əl vurmamaq üçün and içmişəm, bu barədə anamın qəbrinə də qəsəm etmişəm, anam mənim üçün Məkkədən də müqəddəsdir. Mən də anam kimi atamdan sonra doğulmuşam, doğulduğum gün anam da ölmüş, buna görə anam hər şeydən müqəddəsdir. Ona and içdiyim üçün qumara əl vurmayaraq, məşğuliyyət vaxtı maşa ilə çevirirəm, – dedi. Oyundan sonra mən miss Hanna ilə bərabər bağa endik. Xanın oğlanları, qızları və gəlinləri də bizə qoşuldu. Fətəli xan ruslardan, rus təbəələrindən şikayət etməyə başladı, yenə də kəndlərin söhbətini təzələdi. Biz bağçadan gec döndük. Hələ nahar süfrəsi salınmamışdı. Balkona çıxdıqda poçt xidmətçilərindən Rüstəmin məktub gətirdiyini gördüm. Məktub Səttar Zeynalabdinov yoldaşdan idi, rus Culfasından yazırdı. Məktubu sevinərək açdımsa da, oxuyarkən hamımıza bir qəmginlik üz verdi. Səttar yoldaş məktubu belə başlayırdı: «Hörmətli rəfiq! İki gün bundan əvvəl, yəni mayın 26-da burada böyük hadisələr baş verdi. Fəal yoldaşlarımız, bir sözlə, Culfada İran inqilabında çalışanların hamısı həbs olundu, Rzaqulu Nəcəfov, Tağı Yusifov, Ağa Məhəmmədhüseyn Hacıyev, Baxşəli ağa, Şahtaxtlı, Nəsrulla Şeyxov və başqaları həbs edilib, haman gecə Naxçıvana göndərildi. Mən jandarm idarəsində olan adamın vasitəsilə həbslərin kimin tərəfindən olduğunu öyrəndim, həbs edilənlərin siyahısını general Snarski vermişdir. İranda da həbslər ehtimalı vardır. Özünü gözlə, bilmirəm Təbrizə necə gedəcək və nə vasitə ilə yaşayacaqsan. Hər nə olursa-olsun, bu tərəfə qayıtma, mümkünsə o tərəflərdə bir az rahat ol. Min manat da rus parası göndərdim, məsarifdən müzayəqə etmə, məktubun cavabını tez yaz. Para lazımsa, yenə də göndərərəm. Məndən nigaran qalma. Cavabını alan kimi buradan rədd olub Bakıya gedəcəyəm. Təbrizə, Məşədi Kazım ağaya yazmışam. Ev, əşya və məsarif barəsindəki hər bir ehtiyacınız təmin ediləcəkdir. Təbriz yolu da açılmışdır. Getmək fikrin varsa, tez xəbər ver. Səttar, Culfa, 28 may 1909-cu il». Məktubun məzmununu elan etmədim. Ancaq yolun açılması münasibətilə miss Hannanı təbrik etdim. Rüstəmdən min manat alıb kağızını imzaladım. Nahar süfrəsi bitdi. Poçt müdirinə və Ələkbər yoldaşa məsələni anlatdım. Təbrizə getmək qərara alındı. Bakıdan gəlmiş məktubu da açdım. Bu məktub bizə bir qədər ümid verdi. İndi mən rusca «Kaspi», türkcə «İttifaq» qəzetlərinin xüsusi və məsul müxbirləri sifəti ilə Təbrizə gedə biləcəkdim. Gedəcəyimi Səttar yoldaşa bildirmək lazım idi, məktubu yazdım, yenə də poçt xidmətçisi Rüstəmlə göndərdim. Bir də Culfaya gedib oradan qayıtmaq qorxulu olduğundan Ələkbər yoldaş Şüca kəndindən fayton danışıb Livarcana gətirmək üçün adam göndərdi. Biz Səttar yoldaşa yazdığımız məktubun cavabını almaq üçün Livarcanda iki gün daha qalmalı idik. Ev sahibləri bütün yayı Livarcanda qalmağımızı rica edirdilər, lakin qalmağa nə mənim imkanım vardı, nə də miss Hannanın. * * * İki gün sonra Səttar yoldaşdan məktub gəldi. O belə yazırdı: «Mümkün olsa, Ələkbər yoldaşı da özünlə bərabər Təbrizə apar. Əmir Heşmət və onun qardaşları Əbülqasım və Mirzə Məhəmməd xan da Təbrizə getdi. Onların özbaşına hərəkət etməsinə imkan verməm. Çünki Əmir Heşmət başıpozuqluq sevən adamdır, özünə də bu barədə tapşırılmışdır. Səttar xanla sıx əlaqədə olmağını rica edirəm, ruslar onları aldada bilər. Nə cür olursa-olsun, Əmir Heşmətin Təbriz nəzmiyyə rəisliyinə təyin olunması üçün çalışın. Bu barədə Təbriz hakimi Cəlalülmülkün rizasını əldə edin. Sənin fikrini burada bir də müzakirə etdik, doğru fikirdir. Əlimizdə silahlı qüvvə olmalıdır. Qoşun rəisi Amanulla Mirzədən də istifadə etmək lazımdır. O, vətənçidir, sosial-demokratların xətti hərəkətinə kömək edir. Mənziliniz Məşədi Kazım ağanın evində olmalıdır. Dörd gün əvvəl gedən müsafirlər vasitəsilə ona məktub göndərmişəm. Dübarə 1500 manat da göndərdim. Amerikalı qıza hörmət edin, bəlkə, bizə lazım oldu, çünki amerikalılar rusların və ingilislərin düşmənidir. Amerikalı qız sizə hörmət bəslədiyini, hətta onu dərinləşdirmək istədiyini burada xanıma söyləmişdir. Hərgah ona rəğbətin olmasa belə, işimizin xatirəsi üçün məhəbbət göstərmək lazımdır. Zənnimcə, sən bunu bacararsan. Xanım da sizə və miss Hannaya salam göndərir. Səttar, Culfa, 29 may 1909-cu il». Miss Hanna içəri girərək məktubu gördü və şübhəli bir surətdə soruşdu: – Yenə məktub haradandır? – Culfadandır, Səttar cənablarından, – dedim. – Bizim ziyafətində olduğumuz hörmətli zatdanmı? – Bəli, xanım, özüdür ki, var. – Onun gənc xanımı məndə müsbət bir xatirə buraxdı, – deyərək onu xatırladı. – Xanım sizə xüsusi salam göndərmişdir. – Daha nə yazmışdır? – Sizə hörmət bəsləməyi, sizin məramınız xaricində hərəkət etməməyi tövsiyə etmişdi. – Daha nə yazmışdır? – deyə qız təkrar soruşdu. – Bir az da sizin ona dediklərinizdən yazmışdır. – Mən ona nə demişəm? – Səmimi yoldaşlığımız haqqında ona demədinizmi? Qız utandı və düşünərək: – Bilmirəm, xanıma dediklərimi o mənim özüm kimi ifadə edə bilmişdirmi? – soruşdu. – Zərər yoxdur, o ifadə eləmədiklərini siz özünüz də ifadə edər və öz səmimi məramımızı bir-birimizə yetirə bilərik, – dedim. – Siz xanımın tövsiyələrinə əməl edəcəksiniz? – O tövsiyələr olmadan belə mən sizin məramınız xaricində heç bir hərəkətdə bulunmamışam, yenə də bulunmayacağam... Siz mənimlə bir ürək dostu kimi səmimi danışa bildiyiniz halda, belə bir vasitəyə ehtiyac vardırmı? Balkonun bir tərəfində oturmuşduq. Qız başını çiynimə söykəyərək doluxsundu. Mən qızların bu ani və adi sevişindən olduqca nifrətlənirdim, hətta onun ağlaması və bu tezliklə sevməsi mənə çox saxta görünürdü. Ay sanki Kəmki dağının arxasından başını çıxardıb gecənin qoynunda üzən iki gənc qəlbi güdürdü. Onun uşaqları böyük fantanın səpintiləri arasında süzülüb sevmiş bir qəlb qədər saflanıb keçir, sərv ağaclarının budaqlarındakı dodaqlara sürüşərək balkonumuza yüyürür və miss Hannanın pənbə yanaqlarına əlvan bir şəkil verirdi. Livarcan yaylasının əyləndirici ruzigarı da miss Hannanın tellərini darayır, mavi gözlərinin üstünə toplayırdı. Bu vəziyyət bir yarım saatdan artıq çəkdi. Nəhayət, mən onun redikülündəki kiçik dəsmalını çıxarıb tellərini gözləri üzərindən kənara atmaqla göz yaşını sildim və: – Ağlamağa, lüzum yoxdur. Məramınız xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam, – dedim. Fayton gəlib çıxmışdı. Son gecəmiz idi. Səhər saat beşdə hərəkət etməli idik. Ələkbər yoldaş Mərənd şəhərini görməmək üçün dağlıq və kəsmə yollarla getməyi təklif etdisə də, amerikalı qızın o yollarla aparılmasını heç kəs məsləhət görmədi. Gecə söhbət əsnasında Hacı xan bizə müraciətlə: – Siz burada ikən bir çox şeyləri unutmuşdum, bir yerə yığılıb vaxt keçirirdik. Gəncəliləri belə yaddan çıxarmışdım, lakin sabahdan yenə də iki həftə bundan qabaqkı halıma düşəcəyəm, – dedi. – Siz nə üçün əcnəbi təbəəsi olmayırsınız? – deyə miss Hanna heç gözlənilmədən Hacı xana ciddi bir müraciətdə bulundu. – O bizə nə verə bilər? – Madam ki, bir əcnəbi təbəəsi sizin haqqınıza təcavüz edir, madam ki, məhəlli hökumət də bunun qarşısını almaqda acizdir, siz də o zalım əcnəbi təbəəsinin qabağında başqa bir əcnəbi dövlətin himayəsini qoya bilməzmisiniz? Sizin icazəniz olursa, mən bir həftədən sonra sizi Amerika təbəəliyinə qəbul etdirər və əmlakınızın müdafiə vasitələrini hazırlaram. Hacı xan: – Xeyr, yaramaz, – dedi, – Amerika güclü və nüfuzlu dövlətdir. İran hökumətinə də xeyirxahdır, sizdən də çox razıyam, lakin bu dediklərinizə mənim vicdanım razı ola bilməz. Mən iranlıyam, vaxtilə bizim babamız bu məmləkətin başında durmuşdu, indi isə kimimiz var: ruslarla baş-başa vuran Ağa Məhəmməd Qacar yox, Abbas Mirzə yox, Qacar xanədanı indi bir qoca arvaddan da acizdir, xalq arasında hörməti yoxdur. Məmləkətin cilovu mollaların əlində, mollalar isə çar hökumətinin xidmətindədir. Belə bir zamanda əcnəbi təbəəsi olmaq namussuzluqdur. Torpaq yenə də kəndlilərindir. Hərgah əcnəbi təbəəsi onu soyursa, o da müvəqqəti işdir. Eybi yoxdur, qoy uşaqlar az xərcləsinlər. Nə miss Hanna, nə də mən Hacı xana başqa bir cavab verə bilməzdik. Mən ancaq bunu deyə bildim: – Əqidə hər şeyə hakimdir. Fikirlərinizin bir çox cəhətlərinə şərik də ola bilərəm. Doğrudur, torpaq hər kimin olursa-olsun, nəhayət, o kəndlinindir. Hərgah kəndli bu gün əzilməyə, istismara razı olur, sabah razı olmayacaqdır. Hacı güldü: – Bilirəm, nə demək istəyirsən, hələlik torpağı idarə edə biləcək kəndlilər İranda doğulmamışdır. Kəndlilər hər şeydən artıq dinçidir. Torpağı kəndliyə vermək mülkədarların işi deyil, kəndlinin öz işidir, onun özü haqqını istəməlidir. Bu məsələ hökumətin quruluşu ilə əlaqədardır. Hökumət quruluşu mədəni deyil, ibtidai quruluşdur. Bu quruluş ağasız rəiyyəti idarə etməkdən qorxur. Bəlkə də, acizdir. Buna görə də hökumət müxtəlif xasiyyətli və milyonlarca rəiyyəti tanımaqdansa, müəyyən bir miqdarda mülkədarı sevir, çünki bunlarla anlaşmaq daha asandır. Mülkədar, hətta böyük mülkədar olan Hacı xanın hökumət quruluşu barəsindəki fikri qismən doğru idi. Lakin o, hökumətin mülkədarlar hökuməti olduğunu bir dürlü anlamırdı. O bilmirdi ki, İranda torpaq məsələsini həll etmək hazırkı hökumət quruluşu və hazırkı parlaman üsulunun həll edə biləcəyi məsələ deyildi. Torpağın kəndliyə verilməsi, hökumət quruluşunu, yəni mülkədar hakimiyyətinin kökündən dəyişməsini tələb edirdi. Parlamanda oturan, hökumət kabinetini təşkil edən, hətta Təbrizdə bizimlə yan-yana əks-inqilabla mübarizə aparan bir çox rəhbərlər də torpaq məsələsini əsaslı surətdə həll edə bilməyəcəkdilər. Kəndli azadlığı, kəndli hakimiyyəti onları da qorxudurdu. Çünki, hər şeydən əvvəl, onlar da mülkədar idilər. Hər halda, mən Hacı xanın söhbətlərindən belə bir qərar çıxara bildim: xan torpaqlarının rəiyyət əlinə keçməsindən razıdır, lakin bu razılıq onun sinfi mənafeyi ilə əlaqədar idi. Xan öz düşmənləri ilə mübarizədə acizdir, hökumət də onu müdafiə edə bilmirdi, bunun üçün də hələlik rəiyyətin tərəfində durmağa məcbur idi. Bunu xan özü açıq-açığına etiraf edirdi: – İndi ki, torpaq öz həqiqi sahiblərinin əlindən çıxır, qoy yazıq rəiyyətin əlinə keçsin! Şeylərimizi yığışdırdıqda Hacı xanın kiçik qızı İrandüxt gümüş bir qutu gətirdi və miss Hannaya verərək: – Anam bu kiçik hədiyyəni qəbul etməyi və şeylərinizin arasına qoyub bizdən yadigar aparmanızı rica etdi, – dedi. Miss Hanna üzümə baxaraq hədiyyəni aldı. Onun ehtiyatla hərəkət etdiyini görüb: – Alınız, xanla tanış olan hər əziz qonaq ondan hədiyyə almalıdır, – dedim. İrandüxt getdi, gümüş qutu açıldıqda amerikalı qızın Şərqdən mühüm bir yadigar apardığının şahidi oldum. Qutudakı hədiyyə: iki parça firuzədən qayırılmış iynə qabı, qaşdaşlarla işlənmiş altın üskük, yenə də qiymətli daşlarla zinətlənmiş bir kirşan qabı, bir də fil sümüyündən düzəlmiş altun milçədən ibarət idi. Amerikalı qız bu qiymətli hədiyyədən göz götürə bilmirdi. O, qutudakı incə və nadir şeyləri bir-bir nəzərdən keçirirdi və: – Aman Allah, mən yuxumu görürəm? Mən bunları röyamda da belə görsəydim, inanmazdım, – deyirdi. Qız bu hədiyyənin bəxş etdiyi nəşə ilə xeyli xumarlandıqdan sonra mənə dönərək: – Dünən gecə mənə balkonda dediyiniz sözlər yadınızdadırmı? – deyə soruşdu. Mən onun nə dediyini bildiyim halda: – Hansı sözlər? Yadımda deyildir, – dedim. Qız yavaşca: – «Sizin məramınız xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam», – deyərək şeyləri toplamağa məşğul oldu. Məndən gözlədiyi cavab təxirə düşdüyündən qalxıb dışarı çıxmaq istədi. Mən onun qabağını kəsib: – Yadımdadır, əziz dostum, yadımdadır, – dedim, o, başını qaldırıb mənə baxdı, ağlamaq üzrə olan gözlərinin gülməyə başladığını gördüm. * * * Təbriz yollarında Şeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və: – Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi. Gün çıxarkən biz Təbriz şose yoluna düşmüşdük. Qarovul postlarının arası çox yaxın idi. Postların qabağından keçdikdə: – Ey, day papiros! – sözlərindən başqa bir söz eşitmirdik. Keçmişdə gördüyümüz çayçı dükanlarının hamısı qarovul postuna çevrilmişdi, çar soldatlarının qorxusundan bir dənə də olsun çayçı dükanı qalmamışdı. Biz Dərədizdən keçdikdə soldatlar yaş meyvə aparan bir kəndlinin yükünü dağıdırdı. Kəndli güc-bəla ilə səbətləri açıb yerə saldı və uzunqulağını bizləyib qaçdı. Gəzmə kazak dəstələrinə rast gəlirdik, bunlar da kiçik karvanlara soxulur və «na çay» tələb edirdilər. Onnəfərlik bir kazak dəstəsi faytonumuza yanaşdı. Bizi diqqətlə gözdən keçirdilər. Miss Hannanın və mənim iranlıya oxşamadığımızı görüb Ələkbər yoldaşa müraciət etdilər: – Ey, pers! Tı Sattar xana znayeş? Ələkbər yoldaş rusca çox gözəl danışa bilirdi, lakin özünü bilməzliyə vurub: – Mənim Səttar xan-məttar xan bilməz, mənim ərəseydən idyot! – dedikdə kazak: – Malodes pers, dayte na çay! – dedi. Yenə də Ələkbər yoldaş özünü bilməzliyə vuraraq dedi: – Mən çay içməz, vina da içməz: arax da içməz, namaz rabatay. Sən snayiş? Mənim müsəlman. Kazaklar əl çəkməyib «na çay» sözünü Ələkbər yoldaşa başqa bir üsulla qandırmağa başladılar. Birisi əlini döşünə qoyub dedi: – Sənin pul ver, mənim çay içər. Potom gedər, Təbrizə gedər, kuda istər gedər. Bundan sonra Ələkbər yoldaş kazakları beş qran İran parası ilə razı saldı. Bütün yolu bu cür hadisələrlə başa verdik. Amerikalı qız uzaqdan çar soldatlarının başını gördükdə gizlənməyə yer axtarırdı. Günəş qərbə doğru irəliləndikcə Mərənd şəhərinin uzaqdan görünən qaraltısı da get-gedə böyüməkdə idi. Mərənd şəhəri keçmişdə gördüyüm şəhər deyildi, şəhərin ətrafında ehramlar kimi biri-digərinin yanına düzülmüş əsgər çadırlarının həddi-hesabı yox idi. Şəhərin küçələrində süvari və piyada qoşun hissələri qarışqa kimi qaynaşırdı. Bir hadisə baş verərkən hərəkət etmək üçün məhəllələrin bir çoxu sökülürdü. Ətrafda soldat qışlaları da tikilirdi. Şəhərin hər tərəfində telefon xətti düzəlmiş və Mərənd şəhərinin həyatı cəbhə həyatı şəklini almışdı. Biz poçt rəisi Əhməd xan Müqəymüddövlənin evində düşəcəkdik, Culfadan ona teleqrafla xəbər verilmişdi. Əhməd xanın evinə yetişdikdə qaranlıq düşmüşdü. Bizi gözləyirmiş kimi fayton qapıda dayanan kimi xan dışarı çıxdı. Tanış olduq. Qulluqçuları şeylərimizi faytondan götürdülər. Miss Hannanın vəziyyəti yaxşı deyildi, yol isti idi, xüsusən axşam Mərəndə yetişmək üçün faytonçu çox sürətlə sürmüşdü. Əhməd xan həkim çağırmaq istədisə də, qız razı olmayaraq qulağıma yavaşcadan: – Vanna olsaydı, çimsəydim, bəlkə, rahat olardım, – dedi. Əhməd xan məsələni anladı: – Ev hamamını hazırlatdırmışam. Gözəl vannası da vardır. Yoldan gəlib yorulduğunuzu bilirdim, – dedi. Sonradan otağa getdi, çox keçmədən xidmətçi qadın əlində ağ bir boğça olaraq çıxıb bağçanın o biri başındakı hamama tərəf getdi. Biz hələ balkonda oturmuşduq. Xanın arvadı da başında ağ çadra olduğu halda dışarı çıxaraq bizimlə tanış oldu və miss Hannanın tellərinə əlini gəzdirərək: – Gəl qızım, gəl, qorxma, rahat olarsan, – deyə hamama apardı. Bizim hamımızın yaxalanması iki saata qədər çəkdi. Hamamdan razı qaldıq. Biz İran evlərində belə mədəni hamam olduğuna heç də inanmazdıq. Çay masası balkonda qoyulmuşdu. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıq idi. Onun dediyinə görə, Mərənd şəhərinin evləri tamamilə bağlıq və bağçalıq içindədir. Amerikalı qız yalnız bir stəkan çay içə bildi. Çox xəstə idi. Mən: – Bəlkə, siz rahat olmaq istəyirsiniz? – dedikdə, o: – İcazə versə idiniz, rahat olardım, – dedi. Əhməd xan ayağa qalxdı. Məni özü ilə bərabər götürdü, üç döşənmiş otaq göstərdi: – Xanım üçün hansı birisini məsləhət görürsünüz, buyurub rahat olsun, – dedi. Mən miss Hannanın özünü çağırıb məsləhət etdim. – Hansı birisi olursa-olsun, – deyə miss Hanna ikinci otağa keçdi. Xanın xidmətçisi olan gənc qız da onun sərəncamına verildi. Xanın arvadı da tez-tez onun otağına girir və səhhətinin nə yerdə olduğunu Əhməd xana xəbər verirdi. Xanın övladı yox idi. Əlli yaşında gözəl, qarasaqqal, qarabəniz kişi idi. Arvadı da özü yaşda idi. Hər ikisi kirmanlı idi, farsca danışırdılar. Xanın inqilabçı olduğunu və nəslinin də İran inqilabı və İranın təcəddüd tarixində tanınmış bir nəsil olduğunu mənə Culfa poçt rəisi söyləmişdi. Axşam yeməyində özümüzdən başqa heç kəs yox idi. Xan xörəkdən sonra üzr istəyərək: – Sizin şərəfinizə böyük ziyafət vermək lazım idi, – dedi, – bir səbəbə görə mən bundan vaz keçdim, çünki başqa adamlar olsa idi, səmimi söhbətlərimizə mane olacaqdılar. Bir də budur ki, adamlara etibar yoxdur. Şəhərin əksəri çar xəfiyyəsidir. Əmmaməlidən başlayıb börk geyənlərə qədər casusluqdan həzz alır, bu da Mərənd xalqında bir xüsusiyyətdir. Bunu inqilab zamanı da gördük. O zaman hər yer məşrutə tərəfində durdusa da, Mərənd əks-inqilab quyruğundan qopmaq istəmədi. İnanınız ki, bu namussuz şəhərdə tənha yaşamaqdayam, ürəyim qızacaq bir kimsə yoxdur. Hökumət başında oturandan, minbər başında oturana qədər inqilabın düşmənidir. Burada bir klub açılmışdır. Şəhərin tacirləri, əyanları, hökumət qulluqçuları və çar tərəfdarlarının hamısı bu kluba getməyə məcburdur. Orada çar zabitləri ilə tanış olmaq və satılmaq üçün əlverişli vasitələr vardır. Klubun və eyni zamanda zabitlərin yemək xərcləri mərəndlilərdən tutulur, şəhərin valisi belə istəyir. – Vali kimdir? – deyə soruşdum. – Məşrutəçilərin bombası ilə partladılmış Şüca Nizamın oğlu Müsərriza xandır, – deyə xan cavab verdi. – Onu kim vali təyin etmişdir? – Çar hökuməti. Çünki çar ordusu Araz çayını keçdikdə o, qurbanlar və hədiyyələrlə istiqbala çıxdı, general Snarskinin atının cilovuna düşüb evinə gətirdi, onun üçün də Mərənd hakimi təyin edildi. Ruslar hər işə əl uzatdı. Beynəlmiləl qanunları pozdular. İkinci «İnternasional»a ərizə verdiksə də, bir şey çıxmadı. Əhməd xan sözünü bitirdi. Mən onunla danışmağa maraqlanırdım, çünki onun gənclikdən bəri inqilabi hərəkata qoşulduğunu eşitmişdim. Buna görə də bir neçə cümlə söyləməyə icazə istədim və yavaşca dedim: – Əziz yoldaş Əhməd xan! Rusların beynəlmiləl qanunları pozmasından şikayət etməyə lüzum yoxdur. Çünki beynəlmiləl qanunlara baxan bir hökumət özgənin məmləkətinə soxulmaz. İkinci «İnternasional»ın da sizə bir köməyi ola bilməzdi, çünki o da kapitalistlərin bir cür istismar orqanıdır. Vaxtilə çinlilər də rusların əlindən Avropa kabinələrinə şikayətdə bulunub onların beynəlmiləl qanunları pozmasını göstərirdilər. Lakin onlar Çin hökumətinin ərz-hallarını açıb oxumadan zibil yeşiyinə buraxırdılar, çünki bir dövlət tərəfindən yapılan həyasızlıqda o biri dövlət də iştirak edir. İstər Uzaq Şərq, istərsə Yaxın Şərq məsələlərində olsun, bütün imperialist dövlətlərin fikri birdir, yalnız bir fərq varsa, o da təqsim məsələsindədir, biri artıq götürməyə, digəri isə az hissə almamağa tələsir. Bu kimi xəyanətləri və həyasız istilaları boğmaq üçün bütün ölkənin kütləvi üsyanı lazımdır. Hələlik böyük dünya hadisəsi də uzaqdır. İngiltərə-Yaponiya ittifaqı düzəlmişdir, rəqabət müvəqqəti də olsa, aradan qalxmışdır. İran işlərində də İngiltərə–Rusiya sazişi mövcuddur. Almaniyanın İngiltərə–Fransa–Rusiya əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. Odur ki, deyirəm, böyük dünya hadisəsi uzaqdadır. Bir sözlə, demək olar ki, ruslar da İranda qalacaqdır. Digər bir məsələ daha vardır ki, o da İran inqilabının dünya inqilabi təşkilatları ilə əlaqə bağlamasına mane olmuşdur. Əhməd xan burada diksindi və: – O məsələ hansıdır? – deyə soruşdu. – Dinləyin, əziz yoldaşım, – dedim, tariximiz çox uzun, inqilabi tariximiz isə çox qısadır. Təcəddüd tariximiz dini mahiyyətdə və ittihad-islam şüarları ilə başlandığından beynəlmiləl inqilabçı təşkilatların diqqət nəzərini cəlb edə bilməmişdir. Biz burada misal üçün İranın təcəddüd tarixində görkəmli bir yer tutan Mirzə Ağa xan Kirmanlını götürə bilərik. O, inqilab məsələsinə din, məzhəb və ittihad-islam məsələsini bir yerdə həll etmək istəyirdi. Və ya onun yaxın rəfiqi və İran hökumətinin düşməni olan Şeyx Əhməd Ruhini götürmüş olursaq, yenə də o dini, məzhəbi inqilab şüarları ilə bir yerə qarışdırmaqdan əl çəkə bilmirdi. Bunların rəhbəri olan Seyid Cəmaləddin Əfqaninin özü də ittihad-islam əsasında bir inqilab yaratmağa çalışırdı. Əlbəttə, bu hərəkatın beynəlmiləl inqilabçı təşkilatlarla heç bir əlaqəsi ola bilməzdi. Buna görə də Əhməd Ruhi və İstanbul konsulu Mirzə Həsən xan Xəbirülmülk, Ağayi Kirmaninin öldürülməsi ilə onların başladığı hərəkat da bitdi. Xan təəccüblə: – Nə üçün? – deyə soruşdu. – O hərəkata inqilab hərəkatı demək doğru deyildir. Hazırkı inqilab haman qarmaqarışıq inqilabın davamı olsaydı, Qafqaz işçi sosial-demokratları da ona qoşulmaz və yardım verməyi öhdəsinə götürməzdi. – Xeyr, məncə, bu, doğru deyildir, – deyə xan etiraz etdi. – Şeyx Əhməd Ruhi kimi simaların adını inqilab tarixindən çıxarmaq, onları yalnız təcəddüd tarixində göstərmək doğru deyildir, – dedi. – İttihad-islam hərəkatı başqa, sinfi mübarizə hərəkatı isə başqadır. Bunları bir-birinə qarışdırmaq olmaz. Şeyx Əhməd Ruhinin xüsusi möhründəki şüarı mənə oxuya bilərsiniz? Xan: – Xeyr! Oxuya bilmərəm. – Daiyü ittihad-islaməm, Əhmədü Ruhi amədə naməm. Cənab xan, indi gördünüz ki? İstər Şeyx Əhməd, istərsə onun yoldaşlarının fəaliyyət tarixi ittihad-islam hərəkatının tarixi ilə əlaqədardır. Bunlar intibah tarixinin müəssisləridir. Bunlar yeni fikir meydana atmışdılar, fəqət bu fikir islam mühitinə aid bir fikir olduğundan beynəlmiləl bir əhəmiyyət qazana bilməz və beynəlmiləl işçi təşkilatlarının məhəbbətini əldə edə bilməzdi. Buna baxmayaraq, mən Şeyx Əhməd Ruhi və yoldaşlarını tarixi bir sima olaraq böyük bir maraqla öyrənməyə çalışmışam, onların Qacar xanədanı əleyhinə çalışması və Qacar cəlladları tərəfindən öldürülməsi də İranda özlərinə qarşı bir hüsnü təvəccöh oyandırmışdır. Bunu da əlavə etməlidir ki, təriqət, əqidə, təfriqə yuvası olan İranda ittihad-islam fikrini aralığa atmağın özü də bir müvəffəqiyyət sayılmalıdır. Lakin bu fikir İranda doğulmuş orijinal bir fikir deyildir. Bu fikir Əbdülhəmidin fikridir. Vaxtilə ordusu, donanması və əsgəri ilə Avropanı titrədən Osmanlı dövləti Avropa və Asiyada öz nüfuzunu itirdiyi zaman Əbdülhəmid dövründə ittihad-islam fikri kimi çürük bir fikri meydana atdı və onunla da islam dünyasını öz ətrafında toplamaq fikrinə düşdü. Seyid Cəmaləddin, Əhməd Ruhi, Ağa xan da Əbdülhəmidin siyasətini davam etdirdilər. Xan bu sözümə də etiraz edərək: – Xeyr, – dedi – onların fikri Əbdülhəmidin fikri olsaydı, Əbdülhəmid onları İstanbulda həbs etdirib İran hökumətinin bıçağı altına verməzdi. – Bunun da başqa bir səbəbi vardı. İstanbulda Əbdülhəmidə qarşı erməni üsyanı başlandığı vaxt Şeyx Əhməd Ruhi, Xəbirülmülk Mirzə Həsən xan, Mirzə Ağa xan Kirmani də həmən hərəkatda iştirak etməkdə ittiham edilirdi. O vaxt İstanbul səfiri olan Əlaülmülk fürsətdən istifadə edərək, onların İranda da şaha qarşı sui-qəsd hazırladığına aid vəsiqələr göstərdi, onların, ümumiyyətlə, tacü-təxt düşməni olmasına Əbdülhəmidi inandırdı, bunun üçün də Əbdülhəmid öz dostlarını tutdurub İranın əlinə verdi. Zatən tacü-təxt sahiblərindən belə hərəkətlər gözləmək çətin deyildir. Gecə keçirdi. Faytonçu gəlib səhər faytonu nə zaman qoşacağını soruşdu. Mən qəti bir söz deyə bilmədim, çünki amerikalı qızın səhhətinin nə vəziyyətdə olduğunu bilmirdim. Xan arvadını çağırtdırıb miss Hannanın otağına göndərdi. Qızın şiddətli hərarəti olduğu məlum oldu. Bu səbəbə də xan sabah getməyimizi məsləhət görmədi. Faytonçunun məsarifini və artıq kirayəsini öhdəmizə götürdük, razı qaldı, xan da bir gün artıq qalacağımızdan sevindi. * * * Səhər çayından sonra şəhəri və bazarı dolaşmaq üçün çıxdıq. Amerikalı qız da özünü yaxşı hiss etdiyi üçün bizimlə bərabər çıxdı. Şəhər çoxdan bəri çar Rusiyasına ilhaq olunmuş bir şəhər vəziyyəti almışdı. Çar soldatlarının adi söyüşləri, küçədən keçənlərə öcəşməsi, qadın görürkən: «Bacı, sənin ər var?» deməsi, dükançıdan mal alıb pulunu verməməsi, pomidoru tabaqdan götürüb baqqalın üzünə vuraraq gülməsi adi bir hal yerinə gəlmişdi. Yolumuz baqqalbazardan düşmüşdü. Buranın süd, qatıq və sair ağartısatılan bazarı başqa şəhərlərə görə qayət zəngin idi. Biz qoca bir baqqalın dükanı qabağında durub qaymağa baxırdıq, bu halda bir köpək başını qatığa uzadıb yalamaq istədi. Baqqal yanındakı ağacla köpəyi vurub qovdu. Köpəyin səsinə çar ordusunun alay komandanı nişanını daşıyan bir zabit gəldi və baqqalı söyərək, köpəyin yalamaq istədiyi qatığı qabı ilə götürüb baqqalın başına vurdu. Baqqalın başı yarıldı, qanı qatığa qarışaraq axıb saqqalından aşağı töküldü. Zabit söyürdü, lakin söyüşlər yalnız baqqalın deyil, ümumiyyətlə, «mədəniyyətsiz» və «vəhşi» şərqlilərin ünvanına idi. Zabitin əli qatığa batmışdı, bir nəfər avropalı qiyafətində olan yerli tacir zabitə yanaşdı, onun iranlı olduğu ancaq başındakı nazik və mahud börkündən anlaşılırdı. O, cibindən ağ dəsmalını çıxarıb: – Əfv edərsiniz, bizimkilər eşşəkdirlər, – sözünü rusca dedikdən sonra zabitin qatığa bulaşmış barmaqlarını silmək istədi. Hirslənmiş zabit isə qatıqlı barmaqları ilə ona bir şillə vurub: – Rədd ol, – deyə söydü. Tacir əlindəki dəsmalı ilə üzünü sildi və yaltaqlıqla zabitdən üzr istədi. Sonra tacir də baqqala yanaşıb söyməyə başladı: – Alçaq, sən bilirsən ki, bunlar bizim əziz mehmanlarımızdır. Sən necə cürət edib ağanın itini döyürsən? – deyə tacir zabitin üzünə baxır və onun razılığını qazanmağa çalışırdı. Bundan sonra daha birisi baqqala yanaşdı: – Özləri də qonağımızdı, itləri də əzizimiz və gözümüzün işığıdır. Baba, anlamamışıq, ağanın itini Mərənd iti bilib haqqında ədəbsizlik eləmişik. Yoxsa bizim babamız da bu qələti eləməzdi, yəni biz elə ədəbsiz olduq ki, ağanın itindən bir qab qatığı da əsirgədik? – deyə zabiti razı salmağa çalışdı. Zabit isə hələ söyürdü, lakin bu söyüşlər bizə yabançı deyildi, bunları biz çar zabitlərindən hər yerdə eşitmişdik. – Vəhşi şərqlilər, azyatlar, zavallılar! Daha Səttar xan yoxdur. Əlahəzrət çarın zabitləri sizi lazımınca tərbiyə edər, özünüzdən min kərə mədəni və şərəfli olan nəcib köpəyi vurmağa haqqınız yoxdur. Bu hərəkət bizə qarşı bir üsyandır. Baqqal da yalvarırdı: – Ağa, başına dönüm, belə ayaqlarının altında qurban kəsilim, anlamamışam, bir qələtdir, öz ölübə-ölümlə eləmişəm. Mən kasıb babayam, bəs qatığın pulu necə olsun? Baqqalından tacirinə, ziyalısına qədər yaltaqlığa alışan bir xalqı seyr etdikdən sonra məni bir iranlı kimi tanıyan miss Hannanın üzünə baxmağa utandım. Zabit yerə tökülən qəzetlərini qaldırdıqda gözüm «Novoye vremya» qəzetinə sataşdı. Qəzetin adresi «Təbriz Erivanskaya quberniya» deyə yazılmışdı ki, bu da dargözlər və xuliqanlar qəzeti olan «Novoye vremya»nın Təbrizi İrəvan quberniyasına ilhaq etmək arzusunda olduğunu göstərirdi. Zabit getdi, miss Hanna yanındakı fotoaparatı ilə baqqalın haman vəziyyətdə fotoşəklini çəkmişdi. Bu hadisədən sonra artıq bazarı və şəhəri gəzmək həvəsindən düşdük. Miss Hannanın da çox mütəəssir olduğu görünürdü. O mənə müraciətlə: – Bu yerlərin mühüm bir ehtiyacı vardır, – dedi. – O da ümumi və silahlı üsyandan ibarətdir. Bu əsirlik və kölələk həyatıdır. Bu vəziyyəti yalnız Afrika vəhşilərinin həyatında görmək mümkündür. Çar ordusunun bu hərəkəti dinc və üsyansız ölkəni müharibəsiz işğal edən bir ordunun hərəkətinə bənzəmir. Bu hərəkətləri yalnız illər uzunu mühasirə altında qalmış və böyük tələfatlar nəticəsində olaraq süngü gücünə alınan bir ölkənin xalqına tətbiq etmək olar. Çar ordusu nə qədər tərbiyəsiz bir ordu imiş! Miss Hanna həyəcan içərisində idi. Müqəymüddövlə də qəzəbindən titrəyirdi, mən isə qızın silahlı üsyan təklifi üzərində düşünürdüm. Bu kiçik gəzintidən aldığımız təsir hər ikimizi düşündürməyə başlamışdı. Evə qayıtdıqdan sonra da söhbətimiz bu məsələ ətrafında cərəyan etdi. Miss Hanna çox həyəcanla danışırdı: – Mən müstəmləkə ölkələrində olmamışam, yalnız qəzetlərdə oxumuşam. Bəzən müstəmləkə xalqı barəsindəki cəza qanunlarını oxuduqda müstəmləkəçiləri haqlı hesab edirdim. «Bəlkə də, böyük və mədəni dövlətlər vəhşi millətləri tərbiyə üçün başqa üsul tapa bilmirlər», – deyirdim. Ancaq onu deməliyəm ki, bu kimi qanunlar, bu kimi qabalıqlar, hansı bir hökumət tərəfindən icra olunarsa-olsun, yenə də mən onun düşməniyəm. Vətənim olan Amerika belə hərəkətlərdə bulunsa, onun da düşməniyəm. Mənə inanın. Mən sizə inandığım kimi inanın. Mən sizə inanmasaydım, üç həftədən bəri sizin namusunuza, vicdanınıza sığınmazdım. Siyasi məsələlərə qarışmaq istəmədiyim halda, gördüklərim mənim fikirlərimi alt-üst etdi. İnanınız ki, mən inqilabçılara haqq verirəm. Mən onlara düşmən deyiləm. Mən onun sözlərini diqqətlə dinləyir və öz-özümə: «tezdir, inqilabçı olsan belə, hələ tezdir» deyirdim. Nəhayət, qızın cavabını verməyə məcbur oldum. – Səmimi Hanna, mən sizin birinci cümlələrinizi doğru və yerli hesab edirəm. Bu yerlərin ümumi bir ehtiyacı vardır ki, o da kütləvi və siyasi üsyandan ibarətdir. Mən sizə inanıram, siz də mənə inanmışsınız. Lakin bu azdır, biz öz fikirlərimizin doğru və səmimiliyini işdə göstərməliyik. Biz dayandırılmış, müvəqqəti sükuta məcbur olmuş inqilabın ana yurduna gedirik. Bizim vəzifəmiz, siyasətdən uzaq olsa da, çar siyasətinin bir çox səhnələri bizi inqilabçılara hüsnü təvəccöh bəsləməyə məcbur edəcəkdir. Lakin quru hüsnü təvəccöh bəsləmək inqilabçılıqdan çox uzaqdadır. Siz burada yalnız çar müstəmləkəçiliyi ilə üz-üzə gəldiniz, məsələ isə daha genişdir. Kapitalist dövlətlərinin hamısı müstəmləkəçidir, onların hərəsinin özünəməxsus bir müstəmləkə üsulu vardır. Misal üçün İngiltərəni götürəlim: Şərqin bir çox ölkələri İngiltərə müstəmləkəsidir, lakin ingilis əlində olan bütün ölkələrin öz sultanı, padşahı, əmiri, racəsi, mehrazəsi öz yerindədir. İngilislər bu dövlətlərin adını «dost dövlət» qoymuşdur. Əslində isə bu üsul müstəmləkəçiliyin ən qəddar, hiyləgər və müstəbid bir formasıdır. Burada ingilislər müstəmləkə xalqlarını öz doğma ağaları vasitəsilə istismar etmiş olurlar. Müstəmləkə xalqı isə ikiqatlı bir təzyiq altında inləyir. Onun qanını bir tərəfdən öz ağaları, digər tərəfdən İngiltərə imperializmi sorur. İngilislər ruslar kimi vəhşi müstəmləkəçilərdən daha çox qazanırlar. Bunların pəncəsindən qurtarmaq Rusiya pəncəsindən qurtarmaqdan daha çətindir. Fransanın və İtaliyanın müstəmləkə siyasətində də başqa üsullar vardır. Yalnız hər bir imperialist dövlətin deyil, bəlkə də, bu dövlətlərin əlində olan hər müstəmləkənin də xüsusi bir siyasəti vardır. Rusiyadan başqa hər bir müstəmləkəçi dövlət öz müstəmləkələrini təbəqələrə ayırmışdır. Məsələn, Kanadada başqa, İrlandiyada başqa, Ərəbistan, Hindistanda isə başqa siyasət aparılır. Bu başqalıq hər bir ölkənin siyasi və mədəni səviyyəsi etibarilə təyin edilir. Sizin Amerikada da belədir. Şimali amerikalılara verilən hüquq Cənubi amerikalılara verilmir. Hələ amerikalıların yerli zəncilər haqqındakı siyasəti də Rusiya siyasətinə nisbətən daha qaba, daha amansızdır. Müstəmləkəçilik zülm və istibdadı yalnız İranda deyil, bütün dünyada üsyan tələb edir. Üsyanı təxirə salan bir səbəb varsa, o da xalqların mədəniyyətsizliyi və şüursuzluğudur. Siz bugünkü başı yarılan, lakin başının deyil, beş şahılıq qatığının qeydinə qalan baqqalı, bir də zabitə yaltaqlanan şəhər aristokratını misal götürə bilərsiniz. Belələri nəinki üsyan etməz, hətta üsyançıların düşmənlərinə belə satıla bilər. İran kəndli, bazar əsnafı və tacir ölkəsidir, burada mütəşəkkil yoxsul və fabrik-zavod işçiləri yoxdur. Mənə və sizə gəlincə, biz inqilaba hüsnü təvəccöh bəsləyirik, lakin bizim hüsnü təvəccöh bəslədiyimiz inqilab məzlumların və yoxsulların azadlıq uğrundakı mübarizəsindən ibarətdir. Mənim kimi tacirlər və liberal ziyalılar bu mübarizəyə qismən şərik ola bilərlər, inqilab onların mənafeyinə toxunmağa başlar-başlamaz, heç şübhəsiz, soyumağa və geriləməyə başlarlar. Miss Hanna başı ilə sözlərimi təsdiq edərək düşüncəyə daldı. * * * Axşam qapı vuruldu, biz sevindik, çünki Əlekbər yoldaş səhər yeməyindən sonra gedib bu vaxta qədər evə qayıtmamışdı. Xidmətçi qapalı bir məktub gətirdi, xan məktubu açıb oxuduqdan sonra fikrə getdi. Mən ondan: – Nə üçün fikrə getdiniz? Bir xəbərmi vardır? – deyə soruşdum. – Yaxamdan əl çəkməyir. Yenə də hakim məni kluba dəvət edir, – deyə şaşırmış bir adam kimi üzümə baxmağa başladı. – Gedin, nə eybi var, – dedim. – Qonaqlarınızı da özünüzlə gətirin, – deyir, bilmirəm, nə edim? həyasız özü üçün cəmiyyət hazırlamaq istəyir. – Klub təmizdirmi? – Çox təmizdir, lakin oradakı cəmiyyətdən xoşlanmıram. Oraya çar zabitləri və bir də şəhərin yaltaqları toplaşır. Dəvət edilən yerə getməmək hakimin şübhəsinə səbəb olacaq və Müqeymüddövlənin vəzifəsinə zərbə vura biləcəkdi, ona görə biz də onunla bərabər getməyə razı olduq. Biz kluba gedərkən hakim masa başında oturub zabitlərlə qumar oynayırdı. O bizi görən kimi ayağa qalxdı. Zabitlər də onunla bərabər qarşımıza gəlib, əvvəlcə miss Hanna ilə, sonra da mənimlə tanış oldular. Qumar məclisinə nəhayət verildi. Başqa bir masanın ətrafında oturduq, hakim rus qubernatoru formasında idi, başında ətrafı qırmızı rus furajkası vardı. Rus zabitləri ona: – Vaşe siyatelstvo! – deyə müraciət edir və bəzən bir-birinə baxıb gülümsünürdü. – Bizə bu xoşbəxtlik təsadüfən qismət oldu. Hər acı hadisənin sonu bir səadətdir. İmperator ordusu məmləkətimizə yeni bir mədəniyyət gətirdi. Biz rus mədəniyyətini qəbul etməliyik. Buna görə mən bizim ziyalı təbəqəni rus dostlarımızla tanışlığa dəvət edirəm. Qubernator öz söhbətində bu sözləri müxtəlif şəkillərdə bir neçə dəfə təkrar etdi. Miss Hanna mənə tərəf əyilərək: – Baqqalın başını yaran zabit üçüncü kürsüdə oturan zabit deyilmi? – dedi. Baxdım, o özü idi. Qubernator mənə müraciətlə: – Xanımınızla Amerikadamı evləndiniz? – Xeyr, Rusiyada evlənmişik, – dedikdən sonra o, miss Hannanı başından ayağına qədər gözdən keçirdi. – İran ziyalılarının götürdüyü yol doğru yoldur. Mədəni nəsil yaratmaq üçün bundan doğru yol ola bilməz. Sizə xoşbəxtlik diləyirəm. Söhbətlər çox qırıq və məzmunsuz idi. Hər kəs haradan istəyirsə, oradan danışırdı, lakin qubernator bizimlə məşğuldu. O, miss Hannadan göz çəkə bilmirdi. Zabitlərdən bir çoxu şəhər kənarındakı əsgəri qərargaha getməli olduqlarından şam yeməyini saat on ikidə verdilər. Müqeymüddövlə yavaşca mənə: – Hər gecə belə ziyafət vardır, – dedi, – hamısı da hakimin hesabına. Şəhərin əyan, ziyalıları da o hesabdan yeyirlər, hakim bu xərclərin hamısını əlli cür bəhanə ilə bazar və şəhər camaatının dərisindən çıxarır. Süfrə başında əyanlardan Rzaqulu, Rəşid Nizam, Hacı Əhməd xan Mirpənc, Hacı Musa xan və sairələri iştirak edirdi. Əvvəlcə miss Hannanın, sonra mənim və sairələrinin sağlığına içildi. Saat birdə miss Hannanın rahatsızlığını qubernatora anlatdıq və güc-bəla ilə klubdan çıxmağa müvəffəq olduq. Əlekbər yoldaş gəlib bizi evdə gözləyirmiş. Hakimin məclisinə çox da etibar etmədiyindən bizdən çox nigaran qalmışdı. Bir az sonra faytonçu da gəldi. Səhər saat altıda faytonu qoşub gətirməsini tapşırdıq. Hər bir hazırlıq görülmüşdü. Miss Hanna Təbrizə gedəcəyindən sevinir və yatmaq istəmirdi. Bir az balkonda oturduq. Mən bloknotumu çıxarıb qubernatorun rusca danışıqlarından yadımda qalan aşağıdakı sözlərini yazmağa başladım: Mərənd qubernatoru rus zabitləri ilə rusca danışarkən inqilabçıların onun atası ilə etdikləri mübarizəni və nəhayət, ona bomba atıb öldürdüklərini belə anladırdı: – Oni bolşoy skandal pokoynım otsam izdelil. Mne otsa revolyusiya ne lyubil. On zaşişal padişaxa i interes qosudarya inperatora. Naş lyudi vseqda Rosiya lyubil. Torqovlya naş strana eta treboval. Təəccüblü burasıdır ki, qubernator bu anlaşılmaz rus sözlərini dedikcə rus zabitləri də «bəli, həşəmətli cənab», – deyə onu dinləyirdilər. Təbrizlə Mərənd arasındakı yolun sağ və solunda çar ordusu çadırlarından başqa bir şey görmək mümkün deyildi. Bu yolun böyük bir əhəmiyyəti vardır, çünki bütün İran Azərbaycanı bu yol ilə Təbrizdən nəfəs ala bilirdi. Qaradağ, Maku, Xoy və Qafqazdan gələnlərin hamısı bu yoldan keçərək Təbrizə girməli idi. Acı körpüsündə pasportlarımızı yoxlayaraq, dəftərə qeyd etdilər. Vaxtilə inqilabın qızıl bayrağı asılan bu körpüdə çarın üçrəngli bayrağını asılmış gördük. Körpünü keçdik, faytonumuz Əmir karvansarasının qarşısından keçirdi. Buralarda çar ordusunun araba karvanları yerləşmişdi, kazaklara və piyada nəfərə hər tərəfdə təsadüf etmək olardı. Çayçı dükanlarının qabağında yerlilərlə bərabər, kazakların da çay içdiyini, hətta bir-iki kazakın qəlyan çəkdiyini görüb özümüzü gülməkdən saxlaya bilmədik. Əlekbər yoldaş: – Yerlilər çar təsirinə düşdüyü kimi, çarın kazakları da yerlilərin təsirinə düşəcəkdir, tezliklə tiryək çəkməyi də öyrənərlər, – dedi və güldü. Miss Hanna bir az sonra ondan ayrılacağımızı hiss edərək: – Biz nə vasitə ilə görüşəcəyik? – deyə soruşdu. – Çətin deyildir, siz Amerika konsulxanasında mənzil edəcəksiniz, deyilmi? Mən də sizə öz ünvanımı verərəm, – deyə ünvanı yazıb verdim: «Rasta küçə, Seyid Hüseyn dərbəndi. Məşədi Kazım ağanın mülkü». Faytonumuz İran poçt-teleqraf idarəsinin qarşısından keçdikdə burada da çar bayrağını gördük. Bayram günü deyildi, lakin qapıların üzərinə vurulan çar bayraqlarının çoxluğu buranı bir bayram keçirən şəhərə bənzədirdi. Biz miss Hannanı Amerika konsulxanasında düşürəcəyimiz üçün yolumuzu uzaq küçələrdən salmışdıq. Buna görə də küçədən-küçəyə keçməyə, şəhərin mühüm hissəsini dolaşmağa məcbur idik. Şəhər xeyli dəyişmişdi. Təbriz, doğrudan da, «Novoyev vremya»nın yazdığı kimi, çar əlində olan İrəvan quberniyasının şəhərlərinə bənzəyirdi. Hacı Həbibulla istanbulçunun qapısında vurulan ipək çar bayrağını görürkən bunun inqilabçı olması haqqındakı boşboğazlığını bir daha xatırladım. Hacı İbrahim Sərrafın qapısında, Hacı Fərəc Sərrafın və onun oğlu Mirzə Ağanın və sairələrinin qapısında da qiymətli ipəkdən tikilmiş bayraqlar görmək olurdu. Hacı Mirzəhəsən ağa Müctəhidin oğlu Mirzə Məsud ağa da öz damından sevimli çar bayrağını asıb özü də səkidə oturaraq, qəlyan çəkir və bayrağın Təbriz ruzigarı ilə dalğalanan qotazına tamaşa edirdi. Mir Qurban və Mir Məhəmməd kəcpəzlər yeni çar təbəəsi olduqlarından öz qapılarını başqalarına nisbətən fövqəladə bir şəklə salmışdılar. Çarın ailəsi ilə birlikdə alınmış rəngli fotoşəklini, vəliəhdi Aleksey qucağında ikən alınmış təsviri, Tatyananın çocuq ikən öz kuklası ilə birlikdə alınmış əksi və bir çox tabloları bu seyidlərin qapısı üzərində seyr etmək olurdu. Təəccüblü burasıdır ki, çar bayraqları Qarı körpüsünün dibində Şeşgilan və Saman meydanındakı tiryəkxanaların da damına çıxarılmışdır. Naib Həsənin qardaşı İbrahimin tiryəkxanasının damındakı çar bayrağı Hacı Fərəc Sərrafın damındakı bayraqdan daha qiymətli və təntənəli idi. Hacı Əlekbər bazarçası, onun ətrafındakı evlər, o cümlədən Mir Manaf Sərrafın evi özünü çar bayraqları altında nazladırdı. Bunları seyr edərkən mən bilaixtiyar: – Zavallı Təbriz! – deyə təəssüf etdim. Miss Hannanı Amerika konsulxanasında düşürdük. O, əlimi sıxdı, gözləri yaşardı, ayrıldıq. Təbrizin bu vəziyyəti məni çox mütəəssir etdiyindən Hanna ilə necə vidalaşdığımı bilmədim. Əlekbər yoldaşa müraciətlə: – Bax gör yazıq Səttar xan kimlərə arxalanıb hökumətlə mübarizə edirdi, – deyə Səttar xan təşkilatının nə qədər möhkəm bir təşkilat olduğunu indi hiss edir və bəzən bu təşkilat haqqındakı yersiz düşüncələrimi xatırlayırdım. Küçələrdəki səngərlər sökülmüşdü. Səngər olan yerlərin hamısında qarovul postları və çar soldatları qoyulmuşdu. Küçələrdən cəbhə telefon xətləri çəkilmişdi. Az müddət bundan əvvəl inqilabın silahlı dəstələri gəzən küçələrdə bu gün çar süvari kazakları və piyada məfrəzləri dolaşmaqda idi. Mənzil edəcəyimiz yerə yetişdikdə Məşədi Kazım ağanın bizdən nigaran qaldığını gördük, çünki biz bir gün Mərənd şəhərində təxir etməyə məcbur olmuşduq. O bizi hörmətlə qəbul etdi. Üç otağı, xüsusi mətbəxi, balkonu, bağçası olan bir binada yerləşdik. Bina sərbəst, maneəsiz bir bina olduğundan bizi tamamilə razı saldı. Məşədi Kazım ağanın qoca bağbanı Hüseynəli əmi də bizə xidmətçi təyin olunmuşdu. Mən Hüseynəli əmini çağırıb Təhminə xanımın ünvanını verdikdə o, qaranlıq düşməyinə baxmayaraq, bu təklifimi məmnuniyyətlə qəbul etdi və Təhminə xanımın yanına getdi. * * * Hüseynəli əminin qoca arvadı Səriyyə xala samovarı təzəcə gətirib masanın üzərinə qoymuşdu ki, qapı açıldı. Təhminə xanımla oğlu Həsənağa içəri girdi. Qadın qırışmış dərili, göy damarların içərisindəki fikirli gözlərini mənə dirədi. Qiyafəmin dəyişmiş olmasına baxmayaraq, məni tanıdı, boynumu qucaqlayıb öpdü və ağladı. Mən də Təhminə xanımın boynunu qucaqladım və «Təbriz aristokratiyasının və Təbriz ziyalısının səmimiyyətinə bu qadına inandığım qədər inansaydım, çar hökuməti ilə aparılan mübarizədə qalib çıxacağımıza inanardım», – deyə düşündüm. Həsənağa ilə də qucaqlaşıb öpüşdük, onları Əlekbər yoldaş ilə tanış edərək: – Əski və səmimi yoldaşımdır, – dedim. Sonra Təhminə xanımın necə dolandığını və Ninanın necə yaşadığını soruşdum. – Ninanın yanına köçmüşəm, bir yerdə oluruq, – deyə cavab verdi. – Balaca Məcid necədir? – Qıza əziyyət verir, səni tez-tez soruşur. Nina isə bütün boş vaxtını onunla keçirir. Uşaq olmasa idi, qızın bağrı çatlardı. Ona dərs verir. Mən indiyə kimi iki söz də öyrənə bilməmişəm, amma Məcid onun dilini öyrənibdir. Maşallah, bülbül kimi danışırlar. Qızın özü də bizim dilimizdə danışır. – Nina xidmətə gedirmi? – Gedir, lakin bir neçə gün çox naxoş oldu. – Naxoşluğu nə idi? – Bilmədim, səbəbini də demədi. Sən də ona kağız yazmadın, çox nigaran qalmışdı. Səni axtarmaq üçün bilmirəm, haralara getmək istəyirdi, amma Məcidi buraxıb gedə bilmədi. – Ev sahibi Minasyanla necə dolanırsınız? – O, qıza əvvəlkindən də artıq hörmət edir. Ev kirəsi də almaq istəmir. – Çox gözəl. Qorxma, ana, hər iş düzələr. Yenə də Təbrizdə qalacağam, bir yerdə yaşayacağıq. İndi çay tök, özün də iç, bizə də ver, – deyərək Həsənağa ilə söhbətə başladım. – De görüm, qardaşım, işin necədir? – İşlərim yaxşı deyildir. – Nə üçün? – Mücahidlik edənlərə iş vermirlər, hətta özüm də iş istəməkdən qorxuram. – Eybi yoxdur, iş də mümkündür. Pulumuz vardır, heç bir kəsə ehtiyacımız da olmayacaqdır. Yaxşı, dərnəyiniz nə haldadır? – Dərnək öz yerindədir. – Məşğələniz olurmu? – Bəli, hərdənbir yığışırıq. – Üzvlərin hamısı öz yerindədirmi? – Səkkiz nəfər də üzvümüz artmışdır. – Kimlərdəndir? – Xalça fabriki işçilərindəndir. – Nina da sizə kömək edirmi? – Kömək edir. Qorxmur, çünki iş görməyi bacarır. Bir dəfə xalça fabrikinə gəzmək bəhanəsi ilə gəlmişdi. – Qardaşım! Səmimi yoldaşımız Tütünçüoğlu nə edir? – O qaçmışdı. Təsadüfi olaraq bu gün gəlmişdir. Hər kəs qaçıb bir tərəfə gedibdir. – Səttar xan, Bağır xan, Hüseyn bağban nə haldadır? – Osmanlı konsulxanasında oturmuşdular. Tehran məşrutəçilər tərəfindən alınandan sonra onlar da çıxıb evlərinə gəldilər. – Tehranın alınması burada nə kimi bir təsir bağışladı? – Burada cürbəcür fikirlər var. Tehrana tabe olmaq istəyənlərin miqdarı çox azdır. Hətta Səttar xan da Tehranı tanımaq istəməyənlərin cərgəsindədir. – Ruslar camaata nə nəzərlə baxır? – Nə nəzərlə baxacaq? Küçədə hammalı tutub «Səttar xan; Səttar xan» deyə üstünə gülürlər. Şəhəri planlaşdırmaq istəyirlər, silahları yığmaq şayiəsi də vardır. Bütün qafqazlıları çağırıb danışdırdılar. Mirzə Əlekbər ilə Hacı Mirzə Ələsgər Qarabağlını da tutublar. Təbrizdə can siyahısı tutmaq işi də başlanıbdır. Çox danışdıq. Gecə keçirdi. Təhminə xanımı və Həsənağanı axşam yeməyinə saxladıqsa da, qalmadılar. Onlar bu gün Ninanın evində qonaqlıq olduğunu, orada yediklərini söylədikdə: – Qonaqlıq nə münasibətlə idi? – deyə təəccüblə soruşdum. – Bu gün Məcidin anadan olan günüdür, – deyə Təhminə xanım cavab verdi. Mən Ninanın ata-anadan yetim qalan, daha doğrusu, bir inqilabçı təbrizlinin uşağına bu qədər məhəbbət bəslədiyini düşünərək, haqqındakı müsbət duyğularım daha coşmağa başladı. Təhminə xanıma Ninaya sifariş göndərib sabah saat üçdə Təhminə xanımın evində görüşəcəyimizi tapşırdım. Getdilər. Mən öz-özümə: – Doğrudan da, fikirlər qarışıqdır, – düşündüm. Böyük pəncərənin qabağına keçdim. Otaq çox zərif idi, Təbriz gecəsinin bütün lətafət və təzəliyini bu otaqda hiss etmək mümkün idi. Həyət çiçəklik, meyvəlik və güllükdən ibarət idi. Qaranlıq həyətin ortasındakı hovuzda yıxanıb çıxan ağ ördəklər, ağ qətifələrə bürünmüş gəlinlər kimi hovuzun başında duraraq pambıq kimi ağ və incə vücudlarını qurudurdular. Sudan çıxmış ördəklər silkindikdə qanadlarından qopan qətrələr də hovuzun ətrafında gülsabah güllərinin al yanaqlarına düşürdü. Ördəklər hərəm qadınları kimi boyunlarını çiyinlərinə qoyub nazlanaraq getdikləri zaman biz şam yeməyinə başlamışdıq. Təbriz üfüqləri aydın və daima buludsuz olsa da, yenə də dumanlı və qaranlıq idi. İnqilabın yorğunluğundan yeni çıxmış bu şəhər böyük bir cahangirin pəncəsinə düşmüşdü. Çar siyasətindən hamilə olan bu qadının sabah necə bir oğul doğacağından kimsənin xəbəri yox idi. Həyat daha dumanlı və daha qaranlıq idi. Hələ Səttar xanın inqilabdan sonrakı vəziyyəti, onun nə kimi bir xətt-hərəkət təqib etdiyi də insanı düşündürür və dumanlı fikirlərə daldırırdı. Onun Osmanlı konsulxanasında Almaniya və Osmanlı siyasətindən zəhərlənib-zəhərlənmədiyini də düşünür, müxtəlif fərziyyələr yürüdürdüm. Hər halda, Səttar xanın başına mənfi fikirlər qoyulacağından qorxmamaq olmazdı, çünki inqilab qəhrəmanının siyasətcə savadsız olduğu və tülkü diplomatların əlindən yaxa qurtara bilməyəcəyi qorxusu var idi. Buna görə də Səttar xan ilə görüşməyə tələsirdim. Həyətdə kimsə yox idi. Səriyyə xala evinə getmişdi, Hüseynəli əmi isə gülləri suvarırdı. Tam mənası ilə sakit bir gecə idi. Bu xoş sükutu yalnız Əlekbər yoldaşın qəlyanının səsi pozurdu. O, fikirli olduğu vaxt qəlyanı əlindən buraxmazdı. * * * Birinci iclas Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi. Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik. Məşədi Abasəli qəndfüruş, Mirzə Mahmud müctəhid, Bala Tağı, Hacı Əli davafüruş, Məhəmmədsadıq Qafqazlı burada idi. Görüşdük-öpüşdük, bir ay ayrılıqdan sonra Təbrizə qayıtdığımdan olduqca sevindilər. Məsələmizə başlamadan əvvəl Əmir Heşmətin və qardaşlarının da ünvanını verib dallarınca adam göndərilməsini rica etdim. Mirzə Əhməd xidmətçisini onların dalınca göndərdi. Əmir Heşmət də gəlib çıxdı, iclasdakılar Seqətülislamın çağırılmasını məsləhət görmədilər, çünki o, ağır bir surətdə xəstələnmişdi. Əvvəlcə Hacı Əli davafüruş sözə başladı. Təbrizin hal-hazırkı vəziyyətindən və gələcək xətt-hərəkətimiz haqqında danışdı: – Aylardan bəridir ki, bir tərəfdən əks-inqilab, o biri tərəfdən də əks-inqilabı müdafiə edən çar konsulu ilə mübarizə aparmaqdayıq. Bu mübarizə üçün kifayət qədər qüvvəmiz var idi, lakin hazırda qüvvəmiz parçalanmışdır, o qüvvələr yoxdur; bir neçə tərəfə ayrılmışdır. Yalançılar əks-inqilaba və çar konsuluna qoşulurlar, tutulanlar tutuldu, qaçanlar qaçdı, gizlənənlər gizləndi, daha börkünü inqilab yolunda yerə çırpan Hacı Mehdi kuzəkünanilər yoxdur, onlar da gedib Hacı Səməd xana qoşulmuşlar, onun da fikri Hacı Səməd xanı Təbriz hakimi etdirməkdir. Biz Hacı Mehdi kimilərdən razıyıq, çünki o bizdən getmişsə də, bizim əleyhimizə işləmir... Məşədi Abasəli qəndfüruş onun sözünü kəsib: – Gələcəkdən qorxmasaydı, işlərdi! – dedi. Hacı Əli yenə də sözünə davam etdi: – Lakin bir çoxları vardır ki, hal-hazırda bizim düşmənlərimizlə işləyir və bizə də quyu qazırlar. Yoldaşlar, rəfiqlər! Bunu bilməliyik ki, indi biz azad və inqilab etmiş ölkədə yox, əsir və müstəmləkə olmuş bir ölkədəyik, qüvvəmiz həmin bu çay masasının başında oturan beş-altı nəfərdən ibarətdir, buna görə də xətt-hərəkət dəyişilməli və planlar başqa cür qurulmalıdır. Biz gizlin təşkilat üsuluna keçmişik, buna görə də nə iş görəcəyimizi, kim ilə və necə mübarizə aparacağımızı təyin etməliyik. Biz çox xoşbəxt olduq ki, yoldaş bizim çətin vaxtımızda Təbrizə qayıtdı, onlar bizi başlı-başına buraxmadı, – deyə Hacı Əli sözünü bitirdi. – Hacının sözləri doğrudur. Vəziyyət çətindir, – deyə mən sözə başladım. – Lakin bu çətinlik bizi qorxutmamalıdır. Burada gizlin təşkilatın işi açıq hərəkətlərdən daha əlverişlidir, çünki istər əks-inqilab, istərsə çar konsulunun yerli xəfiyyə təşkilatı böyük olduğuna baxmayaraq, mütəşəkkil deyildir. Odur ki, biz onlar ilə mübarizə apara bilər və məqsədimizi həyata keçirməyi bacararıq. Hərəkət xəttini təyin etmək məsələsinə gəldikdə, bu iş hələ tezdir. Hərəkəti idarə edəcək aparatımız düzəlmədikcə, xətt-hərəkətdən danışmaq artıqdır. Biz hazırda iki məsələni həyata keçirməliyik ki, bu da birinci, rus konsulunun xətt-hərəkətini, burada nə iş görmək istədiyini öyrənmək, ikincisi də, inqilabın silahlı qüvvəsinin əsasını qoymaqdan ibarətdir. Hacı Əli: – Silahlı qüvvəmi? – deyə təəccüblə soruşdu. – Əcəba, biz inqilab boğulduqdan, ruslar Təbrizə girdikdən sonra nə kimi vasitələrlə silahlı qüvvə saxlaya bilərik? – Mümkündür, Hacı! Biz sabahdan etibarən çalışmalı, Təbriz hakimi İclalülmülkü ələ almalıyıq, – dedim. – Nə üçün? – deyə Mirzə Əhməd soruşdu. – Əmir Heşmət yoldaşı Təbriz nəzmiyyəsinin başına keçirməli, tədrici surətdə nəzmiyyənin tərkibini dəyişib, yerlərinə inqilab cəbhəsində çalışan mücahidləri təyin etməliyik, – dedim. İclası sükut bürüdü. Heç kəs danışmırdı. – Bunu kim öhdəsinə götürə bilər? – deyə sükutu pozdum. Mirzə Mahmud müctəhid: – Onu mən öhdəmə götürərəm, hərgah ona müxtəsər bir hədiyyə vermək lazım gələrsə, onu da mən özüm verə bilərəm, – dedi. – Elə isə indi gəlin vəzifələri bölək, – deyə təklif etdim. – Səttar xanın fikrini, onun Azərbaycanın gələcəyi haqqındakı rəyini, bundan əlavə, çar konsulunun fikrini və burada nə kimi işlər həyata keçirməsini öyrənməyi mən öz öhdəmə götürürəm. Dəvəçi məhəlləsinin dağılan «İslamiyyə» üzvlərinin fikrini öyrənmək vəzifəsini kim öhdəsinə götürür? Mirzə Mahmud müctəhid: – O da mənim öhdəmə, – deyə cavab verdi. Mən yenə də sual verdim: – Tehranın rus istilası haqqındakı gündəlik təşəbbüsünü öyrənmək vəzifəsini kim qəbul edəcəkdi? – Bunu da mən dəröhdə edirəm, – deyə Məşədi Abasəli dilləndi. – Bütün bu vəzifələri bitirdikdən sonra xətt-hərəkəti təyin etmək mümkündür. Bunlar öz yerində, bu gün biz bir yerə toplanmış ikən mühüm bir məsələni də həll etməliyik ki, bu da inqilabdan qalmış mirası mühafizə etməkdən ibarətdir. Yenə sükut iclası bürüdü, deyəsən, yoldaşlar mənim bu irəli sürdüyüm məsələnin nədən ibarət olduğunu anlamamışdılar. Məsələni izah etmək lazım gəldi: – İnqilabın bir çox mirası qalmışdır, onlardan birisi də xalqın inqilabi ruhundan ibarətdir, biz bu ruhun sönməməsinə çalışmalıyıq. Burada natiqlərin, müəllimlərin və vaizlərin üzərinə böyük vəzifə düşür. Mirasın ikincisi – inqilabda silahla mübarizə aparan gənclərdir. Onları müdafiə etmək, onlara maddi və mənəvi yardımda bulunmaq və əks-inqilab tərəfinə keçməmələrinə çalışmaq bizim borcumuzdur. İnqilabın üçüncü və daha ciddi bir mirası da ağır qiymətə mal olmuş və böyük zəhmətlərlə Qafqazdan gətirilmiş silahlardan ibarətdir. Bu silahları bir yerə yığmalı və mühafizə etməliyik, bunlar bizə lazım olacaqdır. Siz bilirsiniz ki, silahlı əsgərlə silahsız əsgərin fərqi çoxdur. – Doğrudur, yoldaşlar! – deyə Əmir Heşmət ucadan fikrimə şərik oldu. Bundan sonra silahları qeyd etməyə başladıq. Hər kəs bildiyi silahları və gizlətdiyi yeri dedi, nəhayət, düşmən əlinə keçməmiş silahların siyahısı tutuldu. 1 – 1500 rus naqanı 2 – 800 müxtəlif sistemli tapança 3 – 2000 rus beşaçılanı (bunlar Maku ordusunun əlindən alınmışdı) 4 – 3000 müxtəlif sistemli tüfəng 5 – 500.000 rus beşaçılan patronu 6 – bir milyona qədər müxtəlif patron 7 – 500 əl bombası 8 – 100 dənə doldurulmamış bomba gilizi 9 – 100 qutu rus beşaçılan barıtı 10 – 40 pud beşaçılan barıtı Bunlardan başqa, bir çox partlayıcı və partladıcı şeylər də meydana çıxdı. Top mərmilərinin susuz quyulara töküldüyü məlum oldu. Silahların siyahısı tutulandan sonra mən yenə də məclisə müraciətlə dedim: – Ruslar özlərini bərkitdikdən sonra bu silahları istəyəcəklər, buna görə də biz silahları Təbrizdən kənara çıxarmalı və etibarlı bir yerdə mühafizə etməliyik. Bu təklifi hamı təqdir etdisə də, silahların şəhərdən çıxarılması, bir tərəfə göndərilməsi işini heç kəs öhdəsinə götürə bilmədi. Qərara aldıq ki, gələn iclasa qədər bu barədə hər kəs fikirləşsin, müəyyən bir fikirlə iclasa gəlsin. İclas yerlərinin tez-tez dəyişməsini qərara almaqla, bütün məscidlərə adamlar təyin etdik, çünki çar tərəfdarı olan vaizlər minbərdə rus siyasətinin nə demək olduğu haqqında danışır və fikirlərini intişar edirdilər. İclası bitirib çıxarkən Hacı və Mirzə Mahmud mənə pul təklif etdilər, mən isə hələ ehtiyacım olmadığını söyləyib onlardan ayrıldım. Onlardan ayrıldıqdan sonra Məşədi Kazım ağanın otağına gəldim, onunla bəzi məsələlər üzərində uzun-uzadı danışdım. Məşədi Kazım ağa söz arasında: – Olduğumuz ev öz mülkümüzdür, – dedi, – onu qardaşımız oğlu üçün qayırmışdıq, o, inqilabda öldürüldü, siz onu əvəz edirsiniz, orada olan ev şeyləri də, ev də sizindir, yenə də hər nəyə ehtiyacınız olsa, söyləyin, göndərərik. Məşədi Səttar ağa bizə haqqınızda hər bir şeyi yazmışdır. Onsuz da bizim sizə səmimi hörmətimiz vardır. Sizin üçün aşpaz və ev qulluqçusu da hazırdır, evimiz siz yaşadığınız evin dalısındadır, divarbir qonşuyuq. – Çox razıyam, – dedim, – doğrudan da, mən özümü evimdə, öz əqrəbamın yanında hiss edirəm, lazımi işləri Hüseynəli əmi və onun arvadı Səriyyə xala da görə bilər. Hüseynəli əmi çox səliqəli adamdır. Həyətdə qalmasını rica edərdim. Məşədi Kazım gülərək dedi: – O, Məhəmmədəli şahın bağçabanıdır, hələ Məhəmmədəli şahın atası Müzəffərəddin şahın kiçik zamanından Hüseynəli əmi onların yanında olmuşdur, onun özü də, arvadı da inanmalı adamlardır. Ancaq xahişimiz budur ki, nahar və şam yeməklərini hər gün öz evinizdə yeyəsiniz. Həyətdən həyətə qapı da vardır, özgəsinin bişirdiyi xörəklər, bəlkə də, sizə layiq olmadı, – dedi. Bu söhbətlərdən sonra onu Əlekbər yoldaşla da tanış etdim, bayıra çıxmaq istədikdə o, yenə də: – Məşədi Səttar ağa pul da yazmışdı, yəni o yazmasaydı da mümkün idi. Dediyim odur ki, pullar hazırdır, hər vaxt lazımsa, uşaqlar evə gətirsinlər, – dedi. – Hələlik heç bir şey lazım deyil, pul ancaq işlər yoluna düşəndən sonra lazım olacaqdır, – dedim. Onlar nahara gedirdilər. Mən Ninanın görüşünə gedəcəyimdən onlarla gedə bilmədim. * * * Nina ilə ikinci görüş Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı. Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı. – Ağlamağa lüzum yoxdur, mən yenə də qayıtdım, yenə də birlikdə işləyəcəyik, məsud həyat keçirəcəyik, – dedikdə o, ayağa qalxdı, boynuma sarıldı və: – Belə qorxulu bir zamanda Təbrizə qayıdacağına heç inanmırdım, – dedi. O, hələ də sakit olmamışdı, vücudu titrədiyindən onun ağlamaq istədiyini anlayırdım. Bir azdan sonra o, başını çiynimə söykəyib yavaş-yavaş sakit olmağa başladı. Onu danışdırdım – fikir etmə, bu gəlişim və burada başlamaq istədiyim iş müvəqqəti deyildir, uzun sürəcəkdir, – dedikdən sonra o özünü ələ alaraq: – Vəziyyət çox ağırdır. Şəxsi vəziyyətimdən danışmayacağam, heç bir ehtiyacım yoxdur. Məni darıxdıran bir şey varsa, o da çalışmağa bir sahə olmamasıdır, – dedi. – Onu da düzəldəcəyəm. İş üçün zəmin hazırdır. Hələ söylə görüm, Məcid ilə necə yola gedirsən? O gülümsəyərək: – Məcid gündən-günə dəyişir, gözəl bir oğlan olmuşdur, rəhmətlik anasına oxşamağa başlamışdır. İdraklı, fərasətli bir uşaqdır, dərs oxuyur, lakin səni də tez-tez soruşur, adını bilmək üçün də maraqlanır, – dedi. – İndi sən adımı ona deyə bilərsən, adım Əbülhəsən bəydir. Nina təəccüblə: – Doğrudanmı? – deyə soruşduqda, mən pasportu və onun üstündəki fotoqrafiyamı ona göstərdim. – Baxın. İndi inandınızmı? – Bəs bunun sahibi pasportsuz necə dolanacaqdır? – O da Rusiyada mənim pasportumla yaşayacaqdır. O bizim yoldaşımızdır, – dedim. Nina bir daha əlimi sıxdı və: – Deyəcək sözlərim çoxdur, İraida bir böyük adam olmuşdur, – dedi. – Necə böyük adam? – O, konsulun məhəbbətini qazanmış və onun sağ əli hesab olunan bir zatla yaşamaqdadır. – O zat kimdir? Mən tanıdığım adam deyilmi? – Bəlkə də, tanıyırsan, o, sərdar Rəşiddir. – Tanıyırdım. Vaxtilə Ərdəbildən Eynüddövlə tərəfindən göndərilən həyətdə sərdar Rəşid də var idi. Mənim eşitdiyimə görə, keçmişdə dəllək şagirdi olmuşdur. İraidanın elə alçaq bir adamla yaşamağa razı olması bir hiylədən xali deyildi. O qız ağıllı və vüqarlı bir qız idi. O, konsulxanada xidmət etdiyi müddətdə sevgi hissi ilə əlini bir kimsə də olsa, sıxa bilməmişdi. O, sərdar Rəşid ilə nə vasitə ilə tanış oldu və onu bu alçaqla kim bağladı? – düşünməyə başladım. Lakin düşündüyümü Ninaya sezdirməyərək: – İraida sərdar Rəşidi sevib yaşayırsa, nə demək olar? Təbrik etmək də mümkündür, – dedikdə Nina inanmayan adamlar kimi dedi: – Mən onun sevgisinə inana bilmərəm, o, sevmək bacarmaz, biz hər kəsi sevə bilsəydik, Riqada da yaşaya bilərdik. İraidanın bu sevgisində başqa cəhətlər görürəm. – Nə kimi cəhətlər? – Mən özümü bilməməzliyə vuraraq soruşdum. Nina: – Konsulun hiyləsi nəticəsində yüzlərcə İraidalar bədbəxt olur. Onun belə bir siyasəti vardır, o konsulxana ilə əlaqəsi olan bütün nüfuzlu yerlilərin yanına bir nəfər qadın vermişdir. Lakin bu qadınların heç birisi xoşbəxt olmamışdır. İraidanın da axırından qorxuram, – dedi. – O sənin yanına tez-tez gəlib-gedirmi? – Gəlir, lakin onun gəlməsindən razı deyiləm. Ninanın son cümləsindən şübhələnməyə başladım, lakin məsələni dərinləşdirmək və bunu əlverişli bir zamana buraxmaq üçün söhbətin məzmununu dəyişərək ondan soruşdum: – Minasyan ilə necə dolanırsınız? – Əlaqəmiz çox yaxşıdır. Lakin bundan sonra orada yaşamağımız əl verməz. Bəlkə də, o tərəfdə səni tanıdılar, başqa bir yerə köçməliyəm, – deyərək mənim üzümə baxdı. – Mümkündür. Mən Rasta küçədə yaşayıram, sənin üçün də əlverişli bir bina düzəldərəm, – dedim. – Tez düzəltməyə çalışın. – Çox gözəl, sabahdan etibarən təşəbbüs edərəm. De görüm konsul Təbriz haqqında nə fikirdədir? – Fikirlər qarışıqdır. Məhəmmədəlinin məğlub olub rus səfarətinə soxulması Tehranda rus səfirinin və rus siyasətinin məğlub olması deməkdir. İndiyə qədər Tehranın tərəfdarı olan və onun üçün də hökumət ordusunun qələbəsinə çalışan çar siyasəti, bu gün mərkəzin əleyhinə çevrilmişdir. Hazırda rus konsulu Tehrandan və Peterburqdan aldığı təlimat üzrə Azərbaycanın Tehranı tanımaması siyasətini aparır. Vaxtilə Tehrandan təlimat alan Dəvəçi əks-inqilabçıları da konsulun fikrinə əsasən Tehranla əlaqənin kəsilməsi tərəfdarıdır. – Səttar xanın vəziyyəti nə haldadır? Onun haqqında konsul nə düşünür? Qız güldü: – Burada qəribə bir təsadüf vardır. Səttar xan Osmanlı konsulxanasından çıxandan sonra onda tam mənası ilə başqa bir fikir doğmuşdur. Səttar xan da Tehranı tanımaq istəmir, o da deyir ki: «Bu Qacarı qovduqsa, yerinə başqa Qacar gəldi». – Bu fikir nə qədər sağlam bir fikir olsa da, hazırkı çar siyasətinə yardım edən bir fikirdir, çünki ruslar da Azərbaycanın Tehrandan ayrılması siyasətini aparır. Bu fikir Səttar xanın başına Osmanlı konsulxanasında qoyulmuş bir fikir olsa da, ağıllı fikir deyildir, çünki osmanlıların Azərbaycanda nüfuzu yoxdur. Səttar xan Azərbaycanı mərkəzdən ayırıb müstəqil yaşatmaq istəsə belə, ruslar ona imkan verməzlər. Hər halda, bu fikrin əsas mənbəyini osmanlılarda deyil, onları əlində alət etmək istəyən almanlarda aramalıdır. Azərbaycanın ayrılmaq fikrini aralığa hər kim atırsa-atsın, bu fikir ruslara xidmət edən bir fikirdir. Ruslar belə bir fikirlə mərkəzi hökuməti şaşdırmaq və rus təkliflərinə razı salmaq siyasətini aparır. Qızın siyasi düşüncəsi az müddət içərisində xeyli inkişaf etmişdi, xüsusən o, yerli xalqın əhvali-ruhiyyəsini olduğu kimi öyrənə bilmiş və azərbaycanlıların osmanlıları sevməmələri və əqidə, məzhəb ixtilafının hələ indiyə qədər davam etdiyi haqqında da düzgün məlumat əldə etmişdi. – Fikrin doğrudur. Hərgah Səttar xan və osmanlılar belə bir fikir yürüdürsə, bu fikir orijinal bir fikir deyildir, bu fikir imperialist Almaniyanın fikridir. – Bina məsələsini unutma. Bir də səndən soruşmaq istəyirəm, sənin gəldiyini İraidaya xəbər vermək mümkündürmü? – Əlbəttə, mümkündür. O məni az sərmayəli bir tacir kimi tanımırmı? – Elədir. O, indi də o fikirdədir. – Heç eybi yoxdur. Yenə də tacirin səfərdən qayıtdığını ona söyləyə bilərsən, mümkün edə bilsəm, onunla görüşəcəyəm də. – Görüş, lakin ehtiyatlı ol. İraida sən gördüyün İraida deyildir, – deyərək Nina mənə tapşırıq verdi. Mən evə getməli idim, Əlekbər yoldaşla bərabər gəldiyimi söylədim, Nina onunla tanış olmağa maraqlandı. Sonra Təhminə xanımın qızlarını içəri çağırdım, tam mənası ilə dəyişmişdilər. Nina onların paltarını, saçlarını, bütün qiyafələrini dəyişib bir avropalı qızı şəklinə salmışdı. Sabah Təhminə xanımın evində görüşəcəyimizi qərarlaşdırdıqdan sonra Ninadan ayrıldım. * * * İraida Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı. Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı. Nina içəri otağa keçdi və xeyli keçdikdən sonra bir aydan bəri əyninə geymədiyi paltarlarını və qiymətli daşlarını geyib bəzənərək İraidanın yanına gəldi. Çöhrəsindəki məhzunluq tamamilə rəf olub getmişdi. O, İraidanı sıcaq bir səmimiyyətlə qəbul edib qucaqladı, dodaqlarından öpdü, Ninada az-az görünən hal İraidanı sevindirdi. Qızın dəyişməyə başladığını hiss etmişdi: – Görünür ki, sözlərim başına işləmişdir, belə də olmalıdır. Sən gözəl qızsan, sənə də ev, eşik, ər, uşaq, gələcək lazımdır. Sənin sevdiyin adam özünə nə gün qazanmışdır ki, sənə nə gün qazandırsın? Az sərmayəli bir taciri sevməkdən nə çıxar? Doğrudur, sən onu sevirsən, amma ağıllı qız özünü də sevməlidir. – İraida Ninanı oxşayaraq tövsiyəsində davam edirdi: – Nə olsun ki? O, ayrı yaşayır, sən də ayrı yaşayırsan. Bu oyun nə vaxta qədər davam edə bilər? Sən nə vaxta qədər bu iranlı uşağını çimdirəcəksən? O kimdir? Onu nə sən doğmusan, nə də sənin din qardaşın. Nə qədər çalışsan da, sən onu özünə doğma bir övlad edə bilməyəcəksən. Ondan sənə heç bir fayda yoxdur. Sənin başın üstündə incil oxumayacaq, qəbrinə xaç taxmayacaq, qoca vaxtında əlindən tutmayacaqdır. Burax küçəyə getsin, Təbriz küçələrində belələri azdırmı? İraida bu sözləri bitirər-bitirməz Məcid geyinmiş halda qaçaraq gəlib Ninanın qolları arasına girdi. İraidanın halı pozuldu, lakin o, yenə də sözünə davam edirdi: – Sən baxma ki, mən sənin sevdiyin adamı çox xoş dil ilə dindirirdim, sən elə zənn etmə ki, mən onunla Şərqi sevən bir qız kimi danışırdım. Hər xalqın özünəməxsus dili vardır. Buna görə də mən həmin şərqli ilə bir şərqli kimi söhbət edirdim. Onlar da belədir, onlar da bizim öz dilimizi tapıb danışır, zövqümüzü, ruhumuzu oxşamağa çalışırlar. Necə ki, həmin adam sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. Onun nə dərdi var, əsl dərd sənindir. O, bacarıqlı adamdır, sənin kimi avam, sadə ürəkli bir qızı hər yerdə tapa bilər, hər yerdə burada qurduğu həyatı qura bilər. İkinci bir Nina tapar, küçədə qalan bir Məcidi də ona tapşırıb vidalaşar. Bacım, indi ki, sən bu cür həyatdan xoşlanırsan, adamlarla biraylıq yaşamağı bacarırsan, şəxsi mənfəətini də nəzərdə tutmalısan, ya yox? Gördün ki, mən aylardan bəri bir nəfərə yaxın getmədim. Sənin fikrincə, mən heç kəsi sevmirdim, eləmi? Yox, sevirdim, amma quru sevgi məni razı salmırdı. Doğrudur, böyük vədlər verənlər var idi, amma onlar nisyə, mənim sevgim isə nəqd idi. Mən ağıllı qız olduğum üçün nəqdi nisyəyə satmadım. Lakin elə ki, sərdar Rəşidin konsul yanındakı hörmətini gördüm, xüsusən onun ailəsinin çar ordusu ərkan hərbi ilə olan əlaqəsini yəqin etdim, daha fürsəti əldən buraxmadım. Onun gələcəyi böyükdür, onu konsul mühüm bir gün üçün əlində saxlayır, o, bir vaxt Azərbaycanın general-qubernatoru olacaqdır. Bunu mən də anlamışam. Sərdar Rəşidin özü də mənə nisyə vədlər verən adam deyil, arvadını da məndən ötrü başından rədd edibdir. Mən də ağıllıyam, hələlik işin nəticəsini gözləyirəm. Onun üçün onun kiçik və əhəmiyyətsiz zövqünü oxşamaqla böyük mükafat əldə edirəm. Şərqin qiymətli və nəfis zinətlərini daşıyıram. Konsul cənabları da bu yaxınlığa tərəfdardır. Bunun üçün də onlar mənim «ağıllı qız? deyə bu işimi təbrik edirlər. Nina, sən məndən cavansan, üzünə deyirəm, məndən də gözəlsən, çar ordusunun bura gəlməsi nəticəsində yüzlərcə sərdar Rəşidlər irəli çəkiləcəkdir. Göz-qulaqda ol, əcəba, sən onlardan birisini öz əlinə ala bilməzsənmi? Əlbəttə, ala bilərsən. – Xeyr! – deyə Nina qəti olaraq rədd etdi. – Bütün dediklərin mənim ruhum, mənim zövqüm, mənim əqidəm üçün yabançıdır, mən öz zövqümün, öz əqidəmin, öz sevgimin əleyhinə çalışan qızlardan deyiləm. O, müvəqqəti adamlardan da deyildir. Əgər o, müvəqqəti adam olsa idi, mənim üçün belə bir həyat düzəltməzdi. Onun mənim üçün və Məcid üçün yaşadığını bilirəm. – Əgər sizin üçün yaşayırsa, bəs nə üçün sizi atıb getdi? – Getdi, lakin yenə də qayıdıb gəldi. – Qayıdıb gəldi? – İraida heyrətlə soruşdu. – Bəli, o qayıtmışdır. Dünən görüşdüm, səninlə də görüşməyi arzu edirdi... Məcidə gəlincə, o da mənimdir, ona dəxli yoxdur. Mən bunu sevirəm. Bunun anası Zeynəbi də sevirdim, bir qızım olarsa, adını Zeynəb qoyacağam. İraida dərin bir fikrə getmişdi: – Demək o gəlmişdir?1 – deyə mızıldandı. – Bəli, gəlmişdir. – İndi ki, gəlmişdir, daha başqa sözlər ola bilməz. Lakin həyatınıza müəyyən bir şəkil verməlisiniz. Bunu da deməliyəm ki, mən daima onun əleyhinə danışarkən dilim dediyi sözlərə ürəyim heç də razı olmur. Nina, sən onu bil ki, mən bunu sənin xatirin üçün də demirəm, mən Şərqdə ona bəslədiyim hörməti heç kəsə bəsləməmişəm. Lakin nə edəsən ki, alış-verişçidir, inqilab vaxtında da zərər çəkmişdir, onda varlılıq xasiyyəti qalıbdır, o, zəngin yaşamağı, həyatını təmin etməyi çox sevir, onda ağa xasiyyəti vardır. – Elədir! – deyə Nina razı oldu. – Bəlkə də, sərdar Rəşid konsul vasitəsilə ona qazanclı bir iş düzəltdi, ordu təchizatı işlərində böyük pul qazana bilər. – Onun işi yaxşıdır, zərərlərini bu səfərində ödəmişdir. – Bunu sənə özümü dedi? – Bəli, özü dedi, mənə yaxında gözəl və sərbəst bir bina tapacağını da vəd etdi. – Elə isə nə zərəri vardır. Həm pulu vardır, həm də gözəl, cavandır, həm də ki, səni sevir, elə isə sənin də sevməyin fəna deyildir. Məcid Ninanın boynundakı incilərlə oynayır, öz adını eşidərkən İraidanın üzünə baxır və düşünürdü. Sonra İraida Təhminə xanıma müraciətlə: – Gözün aydın olsun, oğlun gəlmişdir, – dedikdə Nina onun sözlərini Təhminə xanıma tərcümə etdi. Təhminə xanım isə: – Allah onu bizə çox görməsin, bizim bir günümüz onsuz olmasın! – deyə cavab verdi. Nina İraida ilə öz arasında olan bu söhbəti mənə danışdıqdan sonra: – O, bir cür qızdır, mən də bir cür! – dedi. * * * Səttar xana məktub Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı. Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı. Təbrizdə Səttar xanın nüfuzu gündən-günə azalır, hətta onun məşrutəyə xain çıxdığı xəbərləri də avam xalq arasında danışılırdı. Buna inanmasaq belə, yenə də bir neçə ay bundan əvvəl xalqın göz bəbəyi sayılan və Sərdar-milli ləqəbini alan inqilab qəhrəmanının üzərindən bu şübhəni qaldırmaq lazım idi. Ona göndəriləcək məktubun məzmununu düzəltmək işi mənə tapşırılmışdı. Məktubu Təhminə xanım vasitəsilə göndərdim. “Cənab Sərdar! Ayrıldığımız ay yarımdan artıqdır. Bir həftədir ki, Təbrizə gəlmişəm. Görüşmək və cənab Sərdarı şəxsən ziyarət etmək istəyirdim, lakin səhhətinizin qismən pozulduğunu eşidərək, sizi rahatsız etmək istəmədim. Bir məktub göndərmək, bununla bütün yoldaşların sizə olan ixlasını bildirməyi məsləhət gördüm. Cənab Sərdar! Təbrizdə vəziyyət dəyişmişdir, xalqın fikri qarışıqdır. Müxtəlif fikirlər, əqidələr, siyasətlər meydana çıxmışdır, fikirlərin qarışmasında məmləkət düşmənlərinin də əli vardır. Buna görə də gələcək üçün doğru bir yol intixab etmək üçün bizə, hər şeydən əvvəl, Sərdarın fikrini bilmək lazımdır. Cənab Sərdara cəsarətlə yazmaq lazımdır ki, hazırda Azərbaycanın mərkəzdən ayrılması və onun nə şəkildə olursa-olsun, müstəqi! idarə olunması fikrini meydana atmaq çar diplomatiyasının fikrinə yardım göstərmək kimi anlaşılacaqdır. Çünki köhnə islamiyyətçilər rus konsulunun fikrini nəşr edərək Azərbaycanın İrandan ayrılması və müstəqil yaşaması nəğməsini çalırlar. Əlbəttə, bununla biz cənab Sərdara göstəriş vermək istəmirik, biləks bizim məqsədimiz cənab Sərdarın kütlələr arasındakı böyük nüfuzunu müdafiə etməkdir. Ruslar Azərbaycan istiqlaliyyəti məsələsini meydana atmaqla mərkəzdə öz nüfuzunu möhkəm etmək və hökumətə təsir yetirmək istəyirlər. Bu günlər Təbrizə hakim göndərilməsi məsələsi Tehranda böyük qilü-qala səbəb olmuşdur. Tehranda Süpəhdarın namizədliyini ruslar qoymuşdur, çünki o, rus bankının qərzdarlarındandır, Şimali İrandakı bütün əmlakı da bu bankdadır. Eynüddövlənin də namizədliyini qoyanlar vardır. Lakin əksəriyyətlə Tehran hökuməti Müxbirüssəltənəni Təbrizə hakim göndərməyə çalışır. Bunları cənab Sərdara məlumat olaraq yazmaqla bütün yoldaşlarla birlikdə cənab Sərdarın səhhətməzacını bildirəcək bir məktubun intizarındayıq?. Məktubun cavabı alınmadan bütün yoldaşlar Səttar xanın nə kimi cavab verəcəyini qabaqcadan bilirdilər. Osmanlı konsulxanasında oturması nəticəsində Səttar xanın xeyli dəyişilmiş olduğu güman edilirdi. Təbrizdə birdən-birə Osmanlı və Almaniya nüfuzunun zühur etməsi yalnız İran Azərbaycanı üçün deyil, osmanlıların özləri üçün də qorxulu idi. Belə bir nüfuz Rusiyanın İrandakı istila siyasətini daha da dərinləşdirə biləcək idi. Digər tərəfdən Tağızadənin Səttar xanla bərabər Osmanlı konsulxanasında oturması məsələsi bizi düşündürürdü, çünki Tağızadə heç vaxt Almaniya – Osmanlı siyasətinə aldanmayan və nəticəsiz işlərə iqdam etməyən bir sima kim tanınmışdı. O, son vaxtlar Rusiya və İngiltərənin İran məsələsində qurduğu əməkdaşlığın mənasını anlamamış deyildi. Qismən anqlofil sayılan Tağızadənin alman macərasına qapılmayacağını hər kəs söyləyirdi. Lakin buna baxmayaraq, hər dövlətin ya lehinə, yaxud əleyhinə olaraq təbliğat aparmaq Təbrizin bir xüsusiyyəti idi. Dumanlı və mürəkkəb əqidələr daşıyan Təbrizdə hər bir hökumətin müəyyən qrupları var idi ki, onlar məzkur hökumətin siyasətini, xətt-hərəkətini, məqsəd və məramını intişar edirdilər. Eyni zamanda hər qrupun özü də mürəkkəb bir şəkildə idi, orada müctəhid, ziyalı, tacir, hambal kimi müxtəlif təbəqələr iştirak edirdi. Hazırda əyalət əncümənində oturanların da tərkibi belədir. Bizimlə inqilabda iştirak edənlər də belə müxtəlif təbəqə nümayəndələrindən ibarət idi. Bizimlə olsalar da, bizimki deyillərdi. Bizim beş-altı nəfərdən ibarət olan qüvvəmiz belə bir şəhərdə işləməyə məcbur idi. Biz Səttar xan kimi siyasətdən xəbərsiz, elmsiz bir qəhrəmanın bu qədər qarışıq fikirlərə qarşı müəyyən və müsbət bir fikir daşıya bilməyəcəyindən qorxurduq. kok Məktubun cavabını bir gün sonra aldıq. Oxumaq üçün yenə də Mirzə Əhməd Süheylinin evinə toplandıq. Məktubun məzmunu ilə hamı maraqlanırdı: Məktub mənim adıma yazılmışdı, lakin Hacı Əli yaxşı oxuduğundan məktubu oxumasını ondan rica etdik. eMöhtərəm ağalar, cənablar! Rəfiqlərl Əziz rəfiqimin təşrif gətirdiyini oxuduqda yenə də özümü ay yarım bundan əvvəlki kimi hiss etdim. Səhhətim də qismən düzəlmişdir. Qeydimə qaldığınızdan çox razıyam. Təbrizə qayıtmaq xəbəriniz mənim mətanətimi artırdı. Sizin Təbrizdə olmanız ruslar ilə aparılan mübarizə üçün əhəmiyyətsiz deyil, çünki ruslar həm aldatmağı, həm zorlamağı bacarırlar. Mümkün olduqca bizimkilərin aldanmasına mane olmalısınız. Bir də əziz rəfiqdən xahiş edirəm ki, məktub yazanda diplomat dili ilə yazmasın. Hər sözü açıq yazın, mən də açıq yazacağam. Gələcək xətthərəkəti təyin etmək üçün mənim fikrimi soruşursunuz və yazırsınız ki, hazırda Azərbaycanın mərkəzdən ayrılması fikrini yürütmək və kütlələri bu fikrə hazırlamaq rusların fikrinə yardım etmək deməkdir, çünki ruslar sabiq islamiyyə ruhanilərini öz ətraflarına toplayıb Azərbaycanın müstəqil olmaq siyasətini nəşr etməyə çalışırlar. Əziz rəfiqim! Bu fikriniz tamamilə doğrudur. Mən də rus siyasətini nəticəsiz buraxmaq və iflasa çatdırmaq uğrunda çalışıram. Rusların qarşısına da Almaniya kimi qüvvətli bir dövləti çıxarmaq lazımdır. Təbrizə hakim gəlməsi haqqında camaat arasında təbliğat aparılmalıdır. Hərgah hakim gələcəksə, yenə də Müxbirüssəltənənin gəlməsi yaxşıdır, çünki mən Osmanlı konsulxanasında olarkən onun rus düşməni olduğunu eşitmişəm. Mən şəxsən Tehranı tanımıram, orada oturanları da biz intixab etməmişik. Əhməd Mirzənin taxta oturmasına da razı deyiləm. Yoldaşlara da deyərsiniz, bizə nicat verəcək bir vasitə varsa, o da Almaniya-Rusiya rəqabətidir, bunu siyasətdə baş işlətmiş adamlar da təsdiq edirlər. Cənab Səlarl ilə də telefon ilə danışdım. Səhhəti yerindədir. Sizə və bütün rəfiqlərə xüsusi salamı vardır. Yenə də məktub gözləyirəm. " Bağır xan. Məktubla bərabər beş yüz tümənlik çek də göndərdim. Onu da Hacı İsmayıl ağadan alarsınız, yenə məsafir lazım olsa, lütfən yazarsınız. Bəlkə, şəxsən görüşməyə imkan tapdınız. Əqəl Səttarə. Məktub oxunub qurtardı. Hamı bir-birinin üzünə baxırdı. – Bu fikir Səttar xanın şəxsi fikri deyildir, – deyə Hacı Əli sözə başladı. – Səttar xanın inadçı bir adam olması, bu fikrindən vaz keçməsi ümidini vermir. – Eyib etməz, – dedim, – Sərdar cənabları evdə, bu fikir də onun başında qapanıb qalacaqdır, biz isə dışarıdayıq, öz fikrimizi intişar edəcəyik. Doğrudur, rus qanadının altında istiqlaliyyət quranlar bizi Azərbaycanın istiqlaliyyəti düşməni adlandırıb lənət oxuyacaqlar, lakin bu cür lənətləri daşımaq, yanlış siyasət nəticəsi olaraq ölkəni yeni fəlakət qarşısında qoymaqdan yaxşıdır. Bizim doğru yolumuz əncümənlə əlaqə saxlamaq və onlara bildirmədən öz yolumuzu davam etdirmək, çar siyasəti ilə mübarizə aparmaqdan ibarətdir. Hörmətli rəfiqimiz və böyük qəhrəmanımız Səttar xan artıq öz tarixi vəzifəsini bitirmişdir. İndi inqilabçı və azad İran onu öz qəhrəmanı kimi sevməli və yaşatmalıdır. Tehrandan hakim gəlincəyə qədər hazırkı vəziyyəti saxlamalıyıq, çünki hakim gəldikdən sonra istər Səttar xan, istərsə əncümən ilə olan əlaqələrdə mühüm bir dəyişiklik vücuda gələcəkdir. İndi biz əlimizdəki fürsəti itirmədən Əmir Heşməti nəzmiyyə rəisliyinə keçirməliyik. Qoy Müxbirüssəltənə gəlib onu iş başında görsün. Müxbirüssəltənənin Təbrizdə hakim təyin olunmaq xəbərini eşidən hazırkı hakim İclalülülk, dəxi, son günlərini yaşadığından inad göstərməz zənnindəyəm. İkinci məsələyə keçdik. Söz Bala Tağıya verildi. Tağı sözünü belə başladı: – Rəfiqlərl Bilirsiniz ki, bizə rusların etmədiyi zülmü iki nəfər seyid etdi. Mir Qurban və Mir Məcidin əlindən bir nəfər də olsa, köhnə inqilabçı və mücahid küçədə gəzə bilmir, bir parça çörək qazana bilmir. Rus konsulxanası ilə əlaqə saxlayaraq yoldaşlarımızın başına olmazın fəlakətləri gətirirlər. Mən təklif edirəm ki, bu iki nəfər seyidi aradan qaldırmaq vəzifəsini mənə tapşırasınız. – Yox! - deyə qəti etiraz etdim, – bu yaramaz. Bununla bizə nicat olmaz, terror yolu köhnə yoldur. Aralıqdan çıxmış faydasız bir yoldur. Bununla biz rusların əlinə yeni bir bəhanə vermiş olarıq. Ruslar Azərbaycanı işğal etdikdə crəiyyətimizi və himayəmizdə olanların malını, canını təhlükədən müdafiə etmək üçün işğal edirik, – demişdir. Bizim bu hərəkətimiz onların siyasətinə xidmət etmiş olar. Tağı öz fikrində israr edirdi, lakin Hacı və başqaları məni müdafiə etdikdə o, könülsüz olsa da, bizimlə razılaşdı. Silahların Təbrizdən çıxarılması və etibarlı bir yerə köçürülməsi haqqında hələ də kimsə müəyyən bir fikrə gələ bilmədiyindən bu məsələni yenə də təxirə salıb iclası qapadıq. * * * Mahru xanım Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı. Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi. Ninanın bugünkü sevincini, bugünkü hazırlığını indiyə qədər görməmişdim. Bu gün sərdar Rəşidin bacısı Mahru xanım da İraida xanım ilə bərabər Ninanın görüşünə gələcək, Nina ilə və mənimlə tanış olacaq idi. Ninanın böyük hazırlığının bir mənası da var idi. O, yeni düzəltmiş olduğu zəngin yaşayışını bacısı İraidaya göstərəcək və həyatında səhv etmədiyini ona sübut edəcəkdi. Bina bir şərqli binası olsa da, ev əşyası zəngin Avropa evlərində olan zənginliyi təsvir edirdi. Bu ziyafətdə Təhminə xanım, iki qızı, Həsənağanın arvadı Nazənin xanım da iştirak edirdi. Ninanın Təbrizdə öz üzərinə götürmüş olduğu mədəni vəzifələrdən birisi də Təhminə xanımın ailəsini mədəniləşdirməkdən ibarət idi. Nina qızlar və gəlin üçün qiymətli paltarlar tikdirmiş, onları avropalı bir qız vəziyyətinə salmaqla bərabər, dərslərinə də diqqət yetirmişdi. İndi Təhminə xanımın qızları və gəlini Nazənin xanım rusca oxuyur, yazır və danışırdı, eyni zamanda Ninanın özü də türkcəni bu qızlardan öyrənmişdi. Nina hər sözbaşı sənin əziz canına and olsun, öz başım üçün, dünya Məcidin bir qırıq tükünə qurban olsun? deyə Təbriz qadınlarının şivəsini bütün incəliyinə qədər mənimsədiyini nümayiş etdirdi. Mən evdə tovuzquşu kimi süzən və varlığını qara örtükdən çixaran bu üç Təbriz qızına baxdıqda Şərqin bu, indiyə qədər varlığı nəzərə çarpmayan nümunəvi qadınlığını düşünürdüm. Bu mənzərə çoxdan bəri bəslədiyim bir arzunu mənə bir daha xatırlatdı. Təbrizdə qadın azadlığı uğrunda çalışmaq üçün gizli bir cəmiyyət təşkili məni çox düşündürən şeylərdən biri idi. Mənim bir düşüncə şəklində qalan bu arzumu bir latış qızının, türk qadınlığı ilə heç bir əlaqəsi olmayan Ninanın həyata keçirməsinə həm sevinir, həm də doğrusu, ona həsəd aparırdım. “Qız nə qədər bacarıqlı qızdırə, – deyə təəccüb edirdim. Saat birə işlədikdə İraida və Mahru xanım gəlib çıxdı. Mahru xanım evə girən kimi çarşabını atdı, tanış olduq. Təhminə xanımı, qızlarını və gəlinini Nina Mahru xanım ilə tanış edərkən: – Bu mənim yoldaşımın analığı Təhminə xanımdır. Bunlar da yoldaşımın bacılarıdır, bu da gəlinimizdir, – dedi. Mahru xanım gözəl və zərif latış qızlarını təmsil edən bu Təbriz qızlarını başdan-ayağa qədər süzdü. Bir gözündə həsrət, digər gözündə isə həsəd qığılcımları görünməyə başladı. Hələ qızların təmiz rusca danışmaları Mahrunu tamamilə heyran etmişdi. İraida evdəki şeyləri nəzərdən keçirərək soruşdu: – Bu şeyləriniz əvvəlcə yox idi, deyilmi? – Bəli, yox idi, bu şeylər buraya köçdüyüm zaman alınmışdır. – Onun işi, alış-verişi nə yoldadır? – deyə İraida mənimlə maraqlanmışdı. – İşi düzəlmişdir. Bu səfərində bütün zərərlərini ödəmişdir. – Alış-verişi nədir? – Cavahir satan tacirdir. İraidanın gözləri yol çəkməyə başlamışdı. İraida Ninanı buraxaraq mənə yanaşdı. Mahru xanım isə qızlarla və Nina ilə məşğul idi. – Nina işlərinizin düzəldiyini mənə xəbər verdi, çox şad oldum. Çünki sizin şəxsiyyətiniz məndə olduqca müsbət bir təsir buraxmışdır. – İraidanın bu sözlərində bir saxtalıq duyulmaqda idi. – Çox razıyam, – deyə qısaca cavab verdim. – Mən indi Ninanın xoşbəxt bir qız olduğuna inanıram, bunu anama da yazacağam, - deyə İraida yenə gözləri yol çəkərək davam etdi. – Lakin sizin bu həyat quruluşunun, hətta bu zəngin Şərq evinin mühüm bir nöqsanı vardır, siz o nöqsanı islah etmək üçün mənə söz verməlisiniz. – O nöqsan nədən ibarətdir? – deyə soruşdum. – Şərq evləri çox zinətlidir, bəzəklidir, Ninanın evi də zəngin bir Şərq evidir, lakin bütün Şərq evlərində olduğu kimi, Ninanın evində də mənəvi bir nöqsan vardır. Siz bu vaxta qədər həyatınıza müəyyən bir şəkil verə bilməmişsiniz, yaxud buna imkan bulmamışsınız. Əfv ediniz, mən sizin evinizdə hələ də ailə həyatının mənəvi ləzzətini görmürəm. İraida məsələni incə və çıxılmaz bir yerə vardırmışdı, onu həm qane etmək, həm də incitməmək lazım idi. Çünki bizim üçün İraida əlverişli bir mövqe tuturdu. Onun gələcək əri sərdar Rəşid də bizə lazım idi. İraida vasitəsilə ilə sərdar Rəşidi, onun bacısı Mahru xanim vasitəsilə də Abşeron alayının komandiri Smirnovun iç üzünü öyrənə biləcək idik. – Doğru buyurursunuz. İraida xanım! Həyata müəyyən və əbədi bir şəkil verilməlidir. Artıq bunun vaxtı çatmışdır. İndiyə qədər, ümumiyyətlə, həyatımız qaranlıq dumanlar içərisində idi. Təbrizdə müdhiş hadisələr baş verirdi, belə bir zamanda, hətta həyatı müəyyən olmayan bir mühitdə, həyata nə kimi vasitələrlə müəyyən bir şəkil vermək olardı? İraida sözlərimi təsdiq etdi. Mən davam edərək: – Qoy Nina məni lazımi qədər öyrənsin. Daimi yoldaşlıq qurmaq üçün tələsmək lazım deyildir. Həyat ani bir surətdə deyil, tədrici olaraq müəyyən qəlibə düşməyə başlayır. Zənnimcə, bunu siz də öz həyatınızda nəzərdə tutucaqsınız. Siz də özünüzü həyat «ərəyanına feda etməyəcəksiniz. Nina sizin bir xoşbəxtlik arxasınca qoşduğunuzu mənə söyləmişdir, – dedim. – Siz bundan razı qalırsınızmı? – deyə İraida soruşdu. – Məsələnin əsli ilə tanış deyiləm, xoşbəxtliyin haradan və kimin vasitəsilə başladığını bildikdən sonra öz fikrimi deyə bilərəm. – Tanışlığımızın tarixi uzun deyildir. Sərdar Rəşid bizim özümüzündür, o, çar tərəfdarıdır, onu konsul cənabları da çox sevir. Bir gün çarın tac qoyması münasibətilə konsulxanada tərtib edilmiş ziyafətdə sərdar Rəşid də iştirak edirdi. Konsul cənabları məni sərdar Rəşid ilə tanış etdi, sonra bir neçə kərə yenə konsulxanada görüşdük. Konsul mənim onunla yaxından tanış olmağımı məsləhət gördü. Onun parlaq gələcəyə malik olduğunu mənə söylədi. O, Azərbaycan general-qubernatorluğuna təyin edilən namizədlər sırasındadır. Hələlik əlaqəmiz sıx deyildir. Konsul tanışlığımızın nə mərkəzdə olduğu haqqında məndən tez-tez soruşur, – deyə İraida fikrə getdi. Məncə, məsələ tamamilə aydın idi. Konsul İraidadan istifadə etmək istəyirdi. O bu qızı da siyasətinə alət etməyə çalışırdı. – Sizə hər sözü demək artıqdır, – deyə mülayim bir tərzdə cavab verdim, - çünki siz ağıllı qızsınız. Tanış olmaq eyib deyildir. Konsulun da məsləhəti yaxşıdır, onu da eşitməlisiniz. Eyni zamanda siz namuskaranə davranmağı da bacarırsınız, – dedim. – Əmin olun! – deyə cavab verdi. Nahar süfrəsi hazır idi. Nina bizi süfrəyə dəvət etdi. Nahardan sonra Nina və İraida pianoda çalıb-oxudular. Qonaqlar getməyə qalxarkən Nina Mahru xanımın qoluna bir qızıl saat bağladı. İraidanın barmağına isə bir brilyant üzük taxdı. Bizim İraida və Mahru xanım ilə olan yaxın tanışlığımızın və sıx əlaqəmizin əsası buradan başlandı. Qonaqlar getdikdən sonra Nina Mahru xanımın Abşeron alayı komandiri Smirnovla sevişdiyini mənə söylədi. Buna da Mahrunun qardaşı sərdar Rəşid səbəb olmuşdu. * * * Miss Hanna Bu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım. Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım. Qapı vuruldu, Hüseynəli əmi qapıya getdi və yenə tez qayıdıb: – Sizə məktub gətirmişlər, – dedi. – Kimdir? – Cavan bir Təbriz uşağıdır. – Nə üçün məktubu alıb gətirmədin? – Vermədi. Dedi ki, şəxsən özünə verməliyəm! – Elə isə burax gəlsin. Cavan dəhlizə girdi, məktubu mənə uzatdı. Məktub miss Hannadan idi. Məktubu gətirən cavana beş qran verib yola saldım. Miss Hama belə yazırdı: eMöhtərəm Əbülhəsən bəy! Özüm sizin yanınıza gəlməyə cəsarət etmədim, bəlkə də, mənim bu ziyarətim işlərinizə maneə törədərdi, görünür ki, siz də məni axtarıb tapmaq fikrində deyilsiniz. Mümkün isə bu gün saat beşdə cMəcidülmülkə mehmanxanasına gəlin. Xüsusi işlərim haqqında sizinlə danışacağam. Yazmayıram, gələndən sonra hər bir məsələni danışarıq. Ələkbər yoldaşa salam. Hələlik! Hannab. Məktubu oxuyub otağa girdim. Ələkbər yoldaş getməli olduğundan naharı tez yeməli idim. Nahar bitməmiş fayton gəldi. Ələkbər yoldaş ilə vidalaşdıq. tez qayıtmasını bir daha tapşırdım. Mən evdən saat beşin yarısında çıxdım, saat beşdə cMəcidülmülkə mehmanxanasının pillələri ilə yuxarı qalxırdım. Miss Hannanın dəhlizdə gəzişərək məni gözlədiyini gördüm. O mənə dəhlizdə heç bir söz demədi, yalnız əlimdən tutub otağına apardı. O, bir neçə saniyə məni diqqətlə gözdən keçirdikdən sonra bir daha əlimi tutaraq dedi: – Nə üçün bu tezliklə dəyişdiniz? – Mən dəyişməmişəm. – Yox dəyişmişsiniz. Siz artıq məni müdafiə edən, bir aydan artıq mənsiz nəfəs çəkməyən, yemək istəməyən, bütün varlığı ilə məni məmnun buraxmağa çalışan zat deyilsiniz! Mən onun əlini sıxaraq: – Yanınızda duran - yenə də özünü sizin sərəncamınıza verməyə hazır olan adamdır. Lakin bir həftədən bəri sizi ziyarət üçün nə qədər çalışdımsa, vəziyyət bu ziyarətə imkan vermədi. Zənnimcə, Təbrizdə uzun müddət qalacağımızdan ziyarətlərin həddi-hesabı olmayacaqdır. Siz də bundan razı qalacaqsınız. – Peyğəmbərlik etməyə lüzum yoxdur, – deyə qız məni geriyə çəkib qoltuqlu səndəldə oturtdu, – uzun səfərimizə baxmayaraq, lazımi sözləri lazımi qədər danışa bilməmişik. Bunun üçün də tək yaşamaq qərarına gəlmişəm. – Özü də oturdu, hazırlıq da görmüşdü. O, yenə mənə müraciətlə: – Saata baxmağa lüzum yoxdur. Axşam yeməyini burada yeməlisiniz, sizdən bəzi məsləhətlər almaq istəyirəm, – deyə bir stəkan çay töküb yanıma qoydu, özü üçün də bir stəkan çay töküb mənə ən yaxın olan bir səndəldə oturdu və: – Biz işə başlamışıq, – dedi. – Hansı işə? – Burada Payan adlı bir kənd vardır, Mirzə Həsən ağa Müctəhidin kəndidir. Təbrizdə sirayətedici xəstəliyə tutulanların hamısı bu kəndə sürgün edilirmiş. Biz orada bir təşkilat düzəltmək istəyirik. – Bu təşkilatın vəzifəsi nədən ibarət olacaqdır? – Orada xəstəxanalar düzəldib, xəstə qadınların uşaqlarını alıb tərbiyə edəcək və Amerikaya göndərəcəyik. Mən həmin cəmiyyətin sədriyəm. Buradakı müvəffəqiyyət mənim müvəffəqiyyətimdir. Bu barədə sizdən yardım gözləyirəm. Bizə yerlilərdən inanılmış adamlar lazımdır, o adamları isə siz bizə verməlisiniz. Siz verəcəyiniz adamlar orada bizə hər bir inzibati yardım verməlidir. Cəmiyyəti-xeyriyyənin bütün təsərrüfat və təşkilat işləri həmin adamların əlində olmalıdır. Kənd şəhərdən uzaqda, əhalisi xəstələrdən ibarət olduğundan hökumətin inzibati qüvvəsindən məhrumdur. Amerikalı həkimləri isə orada müdafiəsiz buraxmaq olmaz. Bizə inanılmış, cəsarətli adamlar lazımdır. Digər bir vəzifəm daha vardır. Amerika konsulxanası məni Şərq dillərinin mütərcimi və gizli işlər müdiri təyin etmək istəyir. Bu barədə Tehrandan da teleqrafla soruşulub icazə alınmışdır. İndi siz söyləyin, Təbrizdə qalmaq, başladığımız işi davam etdirmək mümkün olacaqdırmı? – Nə üçün mümkün olmasın? - deyə soruşdum. – Mən Şərqdə bir çox yerlər görmüşəm, lakin Təbriz onların heç birinə bənzəmir, bunu konsulun özü də, xanımı da mənə söyləmişdir. Buranın mühiti mürəkkəb və başgicəldici mühitdir. Burada yaşamaq üçün hər addımı yoxlamaq, hara qədəm qoyulduğunu bilmək lazımdır. Hər halda, mən yalnız sizə inanıram və məsləhət edirəm, fikriniz nədir? – Qorxulacaq bir şey yoxdur, – deyə onu əmin etdim, - yerli xalq xaricilər haqqında olduqca nəvazişkardır, xüsusən amerikalılara qarşı azacıq narazılıq hiss edilməz, biləks onlara qarşı məhəbbət bəsləyirlər. Sizin konsulxanada vəzifə götürmənizi mən səmimi bir yoldaş kimi təbrik edirəm. Uşaqları xəstələrdən alıb tərbiyə etmək işində də yerlilər sizə hörmət bəsləyəcəkdir. İstədiyiniz inanılmış adamlara gəldikdə, onları da mən özüm tanıdığım, etibar etdiyim gənclərin arasından seçib verəcəyəm. O adamlar yalnız təsərrüfat, təchizat işində deyil, bir hadisə təqdirində amerikalıları silahları ilə də müdafiə edə bilərlər. İstədiyiniz zaman bu adamları hazır edə bilərəm. Miss Hama şadlığından bir daha əlimi sıxdı, rəngi qızardı, vücudu titrədi, lakin bunu hiss etdirməmək üçün ikinci çayı süzməyə başladı. Mən, doğrudan da, çıxılmaz bir vəziyyətdə idim. Qızın məqsədini Livarcan yaylasında ikən hiss etmişdim. Onu rədd etmək mənə çox ağır gəlirdi. Əvvəla, amerikalıların yardımına ehtiyacımız var idi. İkincisi də, mənə səmimi olaraq bağlanmaq istəyən bu gənci heç bir bəhanə olmadan rədd etmək onun həyatının tarixində silinməyən və unudulmaz bir təhqir ləkəsi olub qalacaq idi. Digər tərəfdən də mənim ona bağlanmağım ondan daha səmimi, daha gözəl olan, hətta inqilabda mühüm rol oynayan Ninanı təhqir etmək demək idi. Onsuz da mən Ninanın rahatlığını pozmuş və aylardan bəri qeyri-müəyyən bir vəziyyətdə qoymuşdum. Miss Hamnanın inqilaba qarşı münasibəti də aydın deyildi. Məncə, amerikalı qız rusların və ingilislərin istilasına qarşı Amerika nöqteyi-nəzərindən nifrət bəsləsə də, məsələ İran-Amerika mənafeyi məsələsinə gəldikdə, onun yenə də müstəmləkəçi və kapitalist bir ünsür olaraq qalacağı gözlənilə bilərdi. Mən onun həqiqi inqilabçı bir qız olduğunu bilsə idim, heç də çətinlik çəkməzdim, qəlbimdəkiləri ona açar, həyatımın başqa birisi ilə dolaşıq düşdüyünü söylərdim. O da bir inqilabçı kimi məni dinlər, başqasının həyat yollarında tikan əkməkdən vaz keçərdi, həyat yoldaşlığından məhrum olsa da, məslək, əqidə yoldaşlığını davam etdirərdi. Lakin elə bir qızın, elə bir gözəlin, sevgini məslək yoldaşlığı ilə əvəz edən bir qızın miss Hanna olduğuna inana bilməyirdim. Düşüncələrdən bir şey çıxmayacaq idi. Burada məsələnin həllini istiqbalın ixtiyarına buraxmaq lazım gəlirdi. Digər tərəfdən onun etdiyi təklif bizim mühüm bir ehtiyacımızı təmin edəcəkdi. Həsənağa və Tütünçüoğlunu onların Payan kəndindəki işlərinə düzəltdikdən sonra əlində aciz qaldığımız silahları da Təbrizdən ora daşıda bilərdik. Çayı içdik. Axşam yeməyinə qədər bir çox məsələlərdən danışdıq. Söhbətimizin mərkəzini rusların Azərbaycandakı hərəkətləri təşkil edirdi. – Onlar amerikalılara da xoş gəlmirlər, – deyə miss Hanna ruslar haqqında fikrini anlatmağa başladı. – Qabadırlar, məhəlli şəraiti düşünmürlər, nə üçün gəldiklərini gizlədirlər, – və bir qədər düşündükdən sonra: – Otelə gəlmək sizin üçün münasibətsiz deyil ki? deyə soruşdu. – Bunu nə üçün soruşursunuz? – Onu demək istəyirəm ki, bura gəlməniz münasibətsiz isə başqa bina tutmaq da mümkündür. – Sizə hansı biri əlverişli isə onu intixab etməlisiniz. – Mən sizinlə sərbəst görüşmək üçün bina tutmaq istəyirəm, buna cəmiyyət və konsul da tərəfdardır. Onlar mənim oteldə yaşamağıma razı deyildirlər. – Elə isə nə üçün bina tutmayırsınız? – Tutacağam, bir qadın xidmətçisi gətirəcəyəm. Müəyyən və maneəsiz bir həyat düzəldərik. Culfa hadisəsini, xüsusən oradakı ziyafətləri, Livarcan yaylasındakı tarixi həyatı, hamısını Amerika konsuluna söyləmişəm. Sizdən nə qədər razı qaldıqlarını və sizinlə nə qədər maraqlandıqlarını təsəvvürə gətirə bilmərəm. Onlar yaxın zamanda bir ziyafət təşkilini və sizi onlarla tanış etmək vəzifəsini mənə tapşırmışlar. – Mümkün olarsa, bir ziyafət təşkil edər və onlarla tanış olarıq, – dedim. O: – Sabah sizin vədə verdiyiniz iki nəfəri gözləyəcəyəm. O məsələ sabah həll edilməlidir. – Mümkündür. – Biz də görüşməliyik. Sıx-sıx görüşməliyik. Sonra sizin şəxsi işləriniz haqqında bir neçə söz danışmaq istərdim. – Hansı işlərim haqqında? – Ticarətinizin genişlənməsi, inkişaf etməsi haqqında bir neçə söz deməliyəm. Konsul sizi Amerika firmalarına tanıtmaq və yerli ticarətlə bağlanan bir sıra sazişləri sizin vasitəniz ilə etmək istəyir. Təbiidir ki, burada konsul sizin mühüm bir qazanca nail olacağınızı nəzərdə tutmuşdur. – Çox razıyam, ehtiyac hiss edildiyi vaxt konsulxananın bu lütfündən istifadə edəcəyəm. Lakin hələlik buna ehtiyac hiss edilmir. Öz sərmayəmlə işlərimi adi yoluna qoymuşam, – dedim. Mən vidalaşıb çıxmaq istədikdə o mənim əlimi buraxmadı, sözlü bir adama bəzəyirdi. * * * Silahlar İclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi. Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım. Mən əvvəlcə amerikalıların Payan kəndində təşkil etdikləri xeyriyyə cəmiyyəti üçün məndən adam istədikləri haqqında məlumat verib, Həsənağanın və Tütünçüoğlunun ora işə təyin edilməsini və eyni zamanda Təbrizdə olan bütün silahların sağ-salamat Payan kəndinə daşıdılıb Amerika koloniyasında yerləşdirilməsini təklif etdim. Bu təklifi hamı qəbul etdi. Bu iş amerikalı qızla başladığım tanışlığın ilk nəticəsi idi. İkinci məsələ Xoydan gəlmiş məktubun oxunması və müzakirəsi idi. Məktubu mən oxudum: €Xoy konsulxanası ətrafında indiyə qədər Xoyda görünməyən bir çox adamlar zühur etmişdir. Kürd ağalarından Səid bəy, Şeyx Barzan və İsmayıl ağa Səmitkov, rus konsulu Çerkovun evinə gedibgəlməkdədirlər. Rus konsulunun təklifinə görə, konsulun himayəsində olan məşhur rus tərəfdarı Hacı Həsənağa dəxi tacirbaşılığa təyin olunmuşdur. Qaladan kənarda, məşhur Dağ bağı ilə qabaq-qabağa olan bir məhəllədə yeni rus konsulxanasının təməli qoyuldu. Xoy tacirləri konsulu təbrik üçün getdilərsə də, konsul xəstə olduğu üçün onları ancaq katibi qəbul etdi. İnqilabçılardan şəhərdə qalan çox azdır. Hər kəs bir tərəfə getmişdir. Şəhərdə olanlar da dışarı çıxa bilmir. Əmir Tumanın adamları inqilabçıların siyahısını tutub rus konsuluna vermişdir. Bunların hamısından sonra silahların qeydinə qalmalıdır. Onların haqqında ciddi danışıqlar aparılır. Maku sərdarı İqbalüssəltənə bu barədə Xoy hökumətinə məktub göndərmişdir. Məktubda Xoyda olan silahların Makuya qaytarılmasını tələb edir. Onun iddiasına görə, o silahların hamısı Maku ordusundan alınmışdır. Vəziyyət ağırdır. Rus konsulxanası yanındakı rus soldatlarının sayı artır, cürbəcür zabitlər və müxtəlif rütbəli rus sahib-mənsəbləri gözə çarpır. Sirusə. Xoy inqilabçılarından Məşədi Tağının (Sirus onun ləqəbi idi) yazdığı məktubu oxuduqdan sonra silah məsələsi məni çox düşündürdü: – Xoy şəhərində silah çoxdur, – dedim, – özüm görmüşəm, bunları Maku sərdarının və ya çar konsulunun əlinə vermək olmaz. İclas bir səslə Əbülqasım xanın Xoy şəhərinə getməsini və silahların şəhərdən çıxarılıb bir tərəfdə gizlədilməsini qərara aldı. Əbülqasım xanın özü də razı oldu. Onun Xoy ilə Səlmas arasındakı Kotçi kəndində tanışları və qohumları vardı, silahları onlara tapşıracaqdı. Bundan sonra Mirzə Mahmud müctəhid üçüncü məsələ haqqında məlumat verərək: – Rəfiqləriml – dedi. Müctəhidin səsində bir ümid və etimad hiss olunurdu. – İclalülmülk ilə görüşdüm. O, bəndəni böyük bir hörmətlə qəbul etdi. Bəndə məhz əhval pürsan olmaq və cənabın səhhət-məzacını bilmək üçün hüzurlarına müşərrəf olduğumu izhar etdim. Bəndə söz arasında Təbrizin övzaindən danışdım, şəhərdə nizam və qayda olmadığını ərz etdim, nəzmiyyənin zəifliyindən danışdım, bu təşkilatı gücləndirmək lazım gəldiyini ərz etdim. Onun özü də bunu təsdiq etdi. Bəndə Əmir Heşmətin nəzmiyyə rəisliyinə daha layiq bir zat olduğunu söylədim. İclalülmülk isə: – Hərgah cənab Əmir Heşmət bu mənsəbi qəbul etsə idi, mən özüm də razı qalardım, – dedi. Bundan sonra mən də Əmir Heşməti İclalülmülkün yanına göndərməyi və onu bu vəzifəyə razı salacağımı da cənab İclalülmülkə vədə verib xudahafizləşdim. Sabah saat birdə rəfiqimiz Əmir Heşmət İclalülmülkün hüzuruna təşrif aparmalıdır. Müctəhidin bu məlumatı hamımızı məmnun etdi. Bundan sonra biz sabah İclalülmülkün yanına gedəcək Əmir Heşmətə bəzi tapşırıqlar verdik. Onun İclalülmülkün təklifinə cavab olaraq nə kimi tələbləri irəli sürməsini qərarlaşdırdıq. Başlıca tələbimiz nəzmiyyənin hazırkı tərkibini dəyişməkdən ibarət idi. Bu təşəbbüsdə əsas məqsədimiz oraya Təbriz müdafiəsində iştirak edən inanılmış adamlarımızı keçirmək idi. Axşam saat altıda iclasdan çıxdım, yolda öz-özümə düşünür və rusların bütün İran Azərbaycanını işğal edəcəyini fikirləşirdim. Neçə gündən bəri konsulxanadan da mühüm bir məlumat alınmamışdı. Lakin Ninanın şifrə müdiri müavini təyin olunması məni sevindirir və ümidlər verirdi. Ninanın evinə girərkən Təhminə xanımın oğlu Həsənağa oradan çıxırdı. O, təzə meyvə alıb gətirdiyini və yenə də Payan kəndinə gedəcəyini söylədi. – İşləriniz necə gedir? – deyə Həsənağadan soruşdum, – amerikalılar sizdən razı qalırlarmı? – Olduqca razıdırlar. Onların böyükləri (miss Hannanı demək istəyirdi) tapşırmışdır ki, hər bir işlərini bizim əlimizlə görsünlər. – Silahların yeri qorxulu deyil ki? – Min il də orada qalsa, tapa bilməzlər. Onu bir Tütünçüoğlu, bir də mən bilirəm, yer quru və təmizdir. Mən ondan razılıq edərək Tütünçüoğluna salam söyləməsini, eyni zamanda mənim amerikalı qız ilə tanışlığım haqqında nə anasına, nə də arvadı Nazənin xanıma və bacılarına bir söz deməməsini bir daha tapşırdım. O güldü və: – O barədə əmin olun, mən inqilab içində böyümüşəm, – deyə getdi. Mən balkona çıxdıqda Məcid ilə Təhminə xanımın məşğul olduğunu və Ninanın nahar süfrəsini düzəltdiyini gördüm. Bu gün Məcid mənimlə ilk dəfə olaraq rusca danışaraq dedi: – Səni iki saatdır ki, gözləyirik, nə üçün hər gün gec gəlirsən? Nina güldü, işini buraxaraq Məcidi qucağına alıb öpdü. Nahardan sonra Təhminə xanım Məcidi yatırmaq üçün öz yataq otağına apardı. Nina isə adəti üzrə öz üst paltarını dəyişmək üçün paltar otağına keçdi, mən də masa üzərindəki rusca qəzetləri araşdırmağa başladım. Əlimə 4Novoye vremyaə qəzeti keçdi, orada İran Azərbaycanı haqqında yazılmış uzun bir məqaləyə təsadüf etdim. Məqalə açıq rus millətçiliyi nöqteyi-nəzərindən yazılmışdı. Hər sətrində mədəni avropalılar və ruslar vəhşi iranlılara qarşı qoyulurdu. Nina başdan-ayağa qədər ağ ipəyə bürünmüş bir halda otaqdan çıxdı. Divan üzərində oturdu, əlimi əlinə aldı və o biri əli ilə əlimin üzərinə vuraraq: – Çox fikirlisən, – dedi. – Sevgidə təcrübəsiz və gəncliyə yeni qədəm qoymuş bir uşaq kimi baxırsan, gözlərindən məhrumiyyət və ümidsizlik yağır. – Doğrudur, – deyə zahirən gülümsünərək cavab verdim, – belə olmağa haqqımız vardır. Nina, biz bir ordu idik, bir hökumətə qarşı durmuşduq, indi isə bir masanın başını dolduracaq qədər qalmışıq, vəziyyəti idarə etmək mümkün deyildir. İnqilab qəhrəmanları isə bunu düşünmürlər, – deyə Səttar xana məktub yazdığımı və cavab aldığımı Ninaya söylədim. – Sənə inanıram, möhkəmsən, işində yanılmamışsan, yenə də ehtiyatlı olmalısan. Lakin bir şeyi də unutma ki, Səttar xan Osmanlı konsulxanası ilə əlaqədə olduqca onunla əlaqəni kəsməlisən. Çünki o bədbəxt konsulxananın katibliyindən başlamış şifrə müdirlərinə, kuryerlərinə qədər çar casuslarıdır. İstanbul və Tehrandan verilən bütün teleqrafların şifrələri rus konsulxanasında oxunur. Osmanlı şifrələrinin tez-tez dəyişilməsinə baxmayaraq, yenə hər kəsdən əvvəl bu əlamətlər rus konsulxanasının əlinə düşür. Nümunə üçün dünən Tehrandan Təbrizdəki Osmanlı konsulxanasına göndərilən şifrəli teleqramlardan birisini oxuyum, qulaq as, – deyə Nina bir kağız çıxarıb oxumağa başladı: €Tehranda Almaniya nüfuzu qalib gəlməkdədir. Azərbaycana hökumət təyini məsələsində Rusiya və İngiltərənin qoyduğu namizədlər keçmədi. Təbriz hökumətinə məşhur alman tərəfdarı Müxbirüssəltənə təyin olundu. Onun Azərbaycanda nüfuz qazanması üçün zəmin hazırlamalısınız. Səttar xana əhəmiyyət verməli, onu ələ almalısınız. Azərbaycan istiqlalı məsələsi tədrici məsələdir, onu Səttar xana anladınız. Hələlik o, Müxbirüssəltənəyə və Tehran hökumətinə tabe olmalıdırə. – Bu teleqramın tərcüməsi həm Tehrandakı rus səfiri və həm də Peterburqda Orta Şərq işləri müdiri Klemmə göndərilmişdir, buna görə də Rusiyanın buralarda ciddi işlərə başlayacağı şübhəsizdir. – Məsələ aydındır, – dedim, - biz rəhbərlərin Osmanlı konsulxanasında oturmaları nəticəsində Azərbaycanın bir fəlakət qarşısında duracağını bilirdik, lakin biz onları başa sala bilmədik ki, alman dostu olmaq başqa, alman aləti olmaq isə başqadır. – Nəticə meydandadır, – deyə Nina əsəbiləşdi. – Bu günlərdə Şirvan alayının Ərkan hərb zabitlərindən iki nəfər, 21-ci topçu briqadasının alay komandanı və başqaları Xoy şəhərinə gedəcək və orada yerləşdiriləcək rus ordusunun mövqeyini təyin edəcəklər. Bundan başqa, Maku xanlığı müstəqil bir xanlıq hesab olunduğundan orada rus konsulxanasının təşkili üçün Peterburq və Tehrandan əmrlər alınmışdır. Hətta Alferovun Maku konsulluğuna təyini də gözlənilir. Urmuda və Savucbulaq tərəflərində də konsulluq təşkili məsələsini düşünürlər. Bu barədə Təbriz, Tehran və Peterburq arasında müzakirə davam edir. Almanların intriqası da rusların əlinə bəhanə verir ki, bu da osmanlıları təhdid edən gələcək fəlakətin başlanğıcıdır. – Doğrudur, – dedim, – Almaniya-Rusiya imperializminin toqquşacağı şübhəsizdir. Rusiya Bağdad dəmiryolunu təhdid etmək, Türkiyənin Anadolu ölkələrini işğal etmək üçün bir bəhanə axtarmaqdadır. Buna ingilislər də tərəfdardır, çünki Bağdad dəmiryolu Rusiyanı deyil, İngiltərəni daha çox təhdid edir. – Bəs biz nə etməliyik? – deyə Nina soruşdu. – Biz kütlələri İran Sosial-Demokrat firqəsinin ətrafında toplamalı, rusların hiyləsini işfa etməli, siyasi macəraların qarşısını almalı, inqilabi hərəkatın güclənməsinə çalışmalıyıq. Burada sizin üzərinizə daha mühüm bir vəzifə düşür. Siz bizim təşəbbüslərimizi möhkəmləndirməlisiniz. Nina sözümə qüvvət verərək: – İran inqilabı Rusiyada baş verən beşinci il inqilabının yavrusudur, onu ruslar da boğmağa çalışır. Biz indilik böyük bir ağacın kiçik budaqları ilə mübarizə aparırıq. Lakin Rusiyanı öz kölgəsi altına almış, budaqlarını Şərqin hər tərəfinə uzatmış bu ağac kökündən qoparılmayınca, biz mübarizədə qalib çıxa bilməyəcəyik, – deyə ayağa qalxdı, otağın içərisində bir-iki baş gəzindikdən sonra: – Qalx, dışarı çıxalım, qalx, ürəyim partlayır! – dedi. – Məqsədin nədir? – deyə soruşdum. – Gəzməyə gedək. Təhminə xanım: – Getsəniz də, evə tez qayıdın, gecdir, – dedi. – Uzaq getməyəcəyik, ya sizə gedib qızları görəcəyik, ya da yoldaşın təzə evini görməyə gedəcəyəm, – deyə Nina onu arxayın etdi. Dışarı çıxdıq. Təhminə xanımın evi yolumuzun üstündə idi. İçəri girdik. Nina qızlara və gəlinləri Nazənin xanıma müraciətlə: – Tez geyinin, qonaq gedirik, – dedi. – Hara? – deyə Nazənin xanım soruşdu. – Yoldaşın təzə mənzilinə. Biz oranı görməmişik, o bizi qonaq çağırmışdır. Qızlar və gəlin heç bir söz demədən getdilər. Həsənağa da bizi müşayiət etdi. Yol uzunu mən düşünürdüm: evdə hər şey mümkün idi, lakin mənzilimə ilk dəfə gələn qızlara və gəlinimizə bir hədiyyə vermək lazım idi. Həyətə girərkən Hüseynəli əmi bizi qarşılayıb: – Ay bala, harada qaldın? – deyə məndən çox nigaran qaldığını bildirdi. – Gedəndə demirsən ki, hara gedirəm, ağagildən də dörd dəfə gəlib soruşublar. Hüseynəli yanımdakı Təbriz qadınlarına bənzəməyən dörd nəfər qadını görüb təəccüb etdi, o gah mənə, gah onlara baxmağa başladı. Hüseynəli əminin arvadı Səriyyə xala da burada imiş, o da irəli gəlib qızları gözdən keçirdi və yavaşca ərinə: – Oxşuyurlar da, oxşamırlar da, saçları qaradır, matuşqaya oxşamırlar, – dedi. Hüseynəli əmi yavaşca ona acıqlanıb: – Arvadlığına salma. Sənin nə borcun vardır, – deyə gülləri sulamağa məşğul oldu. Nina və qızlar əvvəlcə həyəti gəzdilər. Nina həyəti daha maraqla gözdən keçirirdi. Otaqları da gəzdik. Sonra hovuzun önündəki masanın ətrafında oturduq. Bu gün bağça suvarıldığından hovuza çox su buraxılmışdı, fəvvarə şiddətlə vururdu. Hüseynəli yenə də Səriyyə xala ilə danışır və dalaşırdı. Yenə də mübahisə qızların rusluğu üzərində gedirdi. Bir az keçdikdən sonra Məşədi Kazım ağanın xidmətçisi gəlib məni soruşdu. Hüseynəli əmi ona: – Ağa gəlibdir, qonaqları da vardır, – deyə cavab verib yola saldı. Ninanın ev və bağça çox xoşuna gəldi. Odur ki, «Mənim üçün də belə bir həyət tapmalı idin!» – deyirdi. – Dəyişdirmək mümkündür, – dedikdə fikrini dəyişib etiraz etdi. – Mənə belə həyət yaramaz. Hovuz vardır, Məcid üçün qorxuludur, – dedi. Məşədi Kazım gəldi. Həyətə girmək üçün icazə istədi, mən özüm onu qarşılayıb masanın yanına gətirdim, qızlara və gəlinə müraciətlə: – Bu zat mənim yaxın dostum Məşədi Kazım ağadır! – dedim. Sonra masa başında oturanları bir-bir Məşədi Kazım ağayla tanış etdim. – Bu mənim yoldaşım və haqqında sizə söylədiyim Nina xanımdır. Bunlar da mənim bacılarım Sənubər və Töhfə xanımlardır, bu da bizim möhtərəm gəlinimiz Nazənin xanımdır. Məşədi Kazım ağa gözlərinə inanmırdı. O, xəyalına gətirə bilmədiyi şeyi həqiqətdə görürdü. Təbrizli qızları başıaçıq, avropalı qiyafəsində olaraq kişilərlə bir masa başında oturmuşdu. Hələ qızların Nina ilə rusca danışmaları Məşədi Kazım ağanı tamamilə heyran buraxmışdı. Məşədi Kazım ağa gördüklərindən çox məmnun idi. Çünki o da Təbrizdə qadın açıqlığının birinci tərəfdarlarından idi. Mən aralıqdakı sükutu pozaraq Məşədi Kazım ağanı danışdırmaq istədim və: – Deyin görək, yeni nə xəbər vardır? – dedikdə onun dəsmalını çıxarıb gözlərini sildiyini və ağladığını gördüm. O, sevincindən ağlayırdı: – Məni bağışlayın, – deyirdi, – üzr istəyirəm, sizi narahat etdim, indi mən özümü tamamilə başqa bir dünyada hiss edirəm. Elə bil ki, bu gün mən yüz il bundan sonrakı İranı görürəm. Əcəba, gözümün qarşısında oturanlar bədbəxt, əsir Təbrizin qızlarıdırmı? – deyərək yenə də ağlamağa başladı. Mən ona ürək verərək: – Bəli, iranlı qızlarıdır, – dedim, – Ninanın yoldaşları, mənim doğma bacılarımdan artıq sevdiyim qızlardır. Bu da mənim qardaşım Həsənağanın rəfiqəsi Nazənin xanımdır. Oxumuş və yeni tərbiyə almış qızlardır. – Siz bunların miqdarını artırmaq üçün çalışmalısınız. – İranın mədəni, siyasi intibahçı, inqilabçı nəslini ancaq bu kimi qızlar yaradacaqdır. İranda qadın açıqlığı, mədəni qadınlığın tarixi bizim qarşımızda oturan bu gənclərlə başlayır. – Biz bu gəncliyi böyütməyə və inkişaf etdirməyə çalışmalıyıq. Məşədi Kazım ağa hələ də qızların ona bağışladığı təsirdən özünü ala bilməmişdir. Danışa bilməyirdi. – Çox böyük işlər görülmüşdür, – deyirdi. – Bizim heç bir şeydən xəbərimiz yox imiş. Bizim qadın açıqlığı barəsindəki fikrimiz yalnız xəyallarda dolaşırdı. – Təbrizdə belə bir cəmiyyət var idimi? – deyə soruşdum. – Bəli, düzəltmişdik, işimiz qabağa getmədi, adına cürbəcür böhtanlar atdılar, ünvanımızı gah «əleyhüm cəmiyyəti» (yəni lənətullah əleyhümilcəmi) qoydular, gah da «cəmiyyəti-ba ünvan» dedilər, müxtəsər ki, işimiz qabağa getmədi. – Üzvlərinizdən Təbrizdə çoxdurmu? – Çoxdur! – Onları bir yerə toplamaq, yenidən işə başlamaq və cəmiyyətin dayanmış işini canlandırmaq lazımdır, – dedim. Vaxt keçirdi. Qızlar və Nina evə dönməli idi, xüsusən Nina Məciddən nigaran idi. Məşədi Kazım ağa bir az əvvəl kiçik qapıdan öz evinə getmişdi. Bir az sonra onun yenə qayıtdığını gördük. Onun dalınca dörd nəfər qadın qulluqçusu, hərəsinin əlində bir zərrin boğça olaraq gəlib həyətdə durdu. Mən qızları ötürmək üçün küçəyə çıxdıqda qadınlar da boğçaları götürüb bizim dalımızca gəlirdilər. Boğçaların üçünü Təhminə xanımın evinə, birini isə Ninanın evinə gətirdilər. Bunlar Məşədi Kazım ağanın qiymətli hədiyyələri idi. Sonradan öyrəndiyimə görə, boğçalarda zərif alman corabları, ipək parçalar, ipək dəsmallar, gümüş redikülllər, brilyant üzüklər və sair şeylər var imiş. Ninanın hədiyyəsi içərisində əlavə olaraq bir almazlı qolbaq, dəxi, vardı. * * * Payan kəndi Səhər çay içərkən qapı vuruldu, bir azdan sonra Hüseynəli əmi bir məktub gətirdi. Məktubu miss Hanna yazmışdı. Məktubda yeni binaya köçdüyünü və bu gün Payan kəndinə gedəcəyini yazmış, məktub gətirən uşaq vasitəsilə onunla görüşməyi rica etmişdi. – Get xəbər ver, məni gözləsin! – deyə çayımı içib qalxdım və getməyə hazırlaşdım. Mən özüm də bu kənd ilə çox maraqlanırdım, xüsusən silahların harada gizləndiyini bilmək istəyirdim. Hüseynəli əmiyə bəzi tapşırıqlar verdim və nahara gələcəyimi də Məşədi Kazım ağaya söyləməsini tövsiyə edərək evdən çıxdım. Miss Hanna yol paltarını geyib məni gözləməkdə idi. O məni görər-görməz: – Çay içdinizmi? – deyə soruşdu. – İçmişəm. – Kimlə içdiniz? – Hüseynəli əmi ilə. – Bundan sonra çayı da, yeməyi də bir yerdə yeyib-içməliyik. Otaqlar sərbəst otaqlardır, burada yaşaya da bilərsiniz. – Xeyr, sizi narahat etməyə cəsarət etmərəm. Mənim yanıma gəlib-gedən çox olur. – Olsun, mənə əziyyəti yoxdur. Otaqların ikisini sizin yanınıza gələnlər üçün hazırlamaq mümkündür. O məni evdə gəzdirib, bir-bir otaqlarını göstərməyə başladı. Dörd otaqdan yalnız ikisi döşənmiş idi. Miss Hanna otaqları Şərq otaqlarına bənzətmək istəmişdisə də, müvəffəq olmamışdı. Lakin burası bir avropalı evi də deyildi. Çünki yerə xalılar döşənmişdi. Evində ixtiyar bir amerikalı qadın, bir də on beş yaşlarında təbrizli bir oğlan uşağı xidmətçi saxlamışdı. Miss Hanna əlimdən tutub amerikalı qadına ingiliscə nə isə söylədi, qadın başı ilə salam verdi. Biz qayıdıb balkona çıxdıqda miss Hanna əvvəlki sözünü təkrar etdi: – Sizin rahətinizi təmin edəcəyəm, bura köçməyə söz verməlisiniz. Mən bu sözün cavabını vermədən xidmətçi oğlan gəlib faytonun hazır olduğu xəbərini verdi. Dışarı çıxdıq, faytonumuz Təbrizin şimal-şərqinə doğru irəliləməyə başladı. Yolumuz Bağır xanın səngərlərinin yanından idi, dağıdılmış səngərlərin yerində rus qaravul postları durmuşdu. Təbriz küçələrində eşşək hərəkəti əvvəlki kimi idi. Bağlara zibil və peyin, hamamlardan kül, bağlardan qayıdanda meyvə, səbzi, qovun, qarpız, üzüm daşıyan uzunqulaq karvanlarını yarıb keçməyə məcbur olan faytonumuz çox yavaş gedirdi. Minik eşşəklərinin də həddi-hesabı yox idi. Dükanlar açılan vaxt olduğundan, qulaqlarını sallayaraq Təbrizin şərqindən qərbinə, şimalından cənubuna doğru hərəkət edən ağ eşşəklər qəribə bir mənzərə təşkil edirdi. Tabaqçılar yenə də ikipudluq tabağı başına qoyub səslənməkdə idilər: – Gəl, Təbrizəyidu, əskəridu, ağa malıdu, ərbab malıdu... Rübəndli və rübəndsiz qadınlar da adətləri üzrə başlarında böyük bağlama o tərəf-bu tərəfə getməkdə idilər. Qarpız təzəcə çıxmışdı. Yolumuz qarpızçı dükanlarının yanından idi. Bura Bağır xanın son səngəri olan küçələrdən biri idi. Keçdiyimiz yerdə çox adam yığılmışdı. Burada qaravul postu olduğundan bir hadisə baş verdiyini zənn etdik. Faytonu saxlatdırdım. Qaravulda duran soldatlardan bəziləri camaatın içərisində görünürdü, ara-sıra şillə səsləri də gəlirdi. Diqqətlə baxdıq və belə bir səhnənin tamaşaçısı olduq: Soldatlar qarpız satan dükanın qabağında durmuşdu, yerlilərdən bir çoxu qarpız kəsib yeməkdə idi, qolları çırmalanmış yerli kişilər biri digəri ilə müsabiqə aparırdı, rus soldatına bir qarpız bağışlayır və əvəzində boynuna şillələr endirirdi. Soldat boynunu əyir, qarpız hədiyyə edən isə əlini vedrədəki suya basıb bütün qüvvəsi ilə soldatın boynuna şillə yapışdırırdı. Kənardakılar isə «olmadı, olmadı» deyə qışqırırdılar. Bundan sonra isə digər birisi digər bir soldatı irəli çəkib boynunu əli ilə əyir, soldat «riku»ə gedən kimi əllərini dizlərinə söykəyib durur, onun boynuna sulu bir şillə ilişdirirdilər. – Məhəmmədağanın şilləsini göydən gələn göy imam da vura bilməz! – Gədə, sən öləsən, elə bil ki, qələmə ağacı sınırdı. – Gədə, bu yetimin boynunda boyunluq qoymadın ki. Müxtəsər, bir neçə dəqiqənin içərisində yeddi-səkkiz soldatın boynunu qızartdılar. Boynu qızarmış soldatın hər birisi qoltuqlarında böyük bir qarpız öz postlarına qayıtdılar. Boyunları çuğundur kimi qızarmış soldatlar bir-birinə: – Axmaqlar, bundan nə həzz alırlar? Doğrudur, adamın boynuna bir az əziyyət verir, lakin qarpız da ucuz şey deyildir, – deyə təəccüb edirdilər. Digər birisi: – Bu, yerlilərin idman oyunudur, – deyə cavab verirdi. O birisi isə: – Boks kimi bir şeydir. Şərqdə bu adətdir, – dedi. Miss Hanna və mən bu halı seyr edərkən təbrizlilərin nə qədər laqeyd, unuducu bir xalq olduğu haqqında düşünürdük. Dərin sükutun qıza qarşı bir etibarsızlıq kimi mənə ediləcəyini duyduğumdan sükutu pozaraq soruşdum: – Payan kəndinə getdiyiniz birinci dəfədirmi? – Bəli, birinci dəfədir, – dedi. Mən yenə də fikrə getdim, doğrusu, təbrizlilərin duyğusuz və təhlükəni gözü önündə görürkən belə, gözünü açmaq istəməyən bir xalq olduğu haqqında düşünməyə başladım. Miss Hanna bunu hiss edib məhzun bir tərzdə: – Bir neçə gündür ki, hiss edirəm, – dedi, – siz daima mənim yanıma gəldikdə, mənimlə görüşdükdə, nədənsə, düşünür və fikrə dalırsınız. Əcəba, mən sizə qarşı uyğunsuz bir hərəkətdə bulundummu? Sizin ruhunuzu oxşamaq, sizi əyləndirmək, daha doğrusu, sizi razı salmaq üçün bir qızdan hər nə tələb edilərsə, hamısını ifa etdim. Çox təəssüf olsun ki, siz gözəl və gəncliyin bütün müsbət cəhətlərini mənimsəmiş bir zat olduğunuz halda, gənc bir qıza, hətta gözəl, sevməyə qadir olan bir qıza çox laqeydsiniz. Fayton onun vücuduna hərəkət verdikcə o, başını mənim çiyinimə qoyurdu. Bəzən qaldırmaq istəmirdi. Mən qızın şübhələrini dağıtmağa çalışmalı idim. Aramızdakı səmimi əlaqəni saxlamaq üçün asan bir yol aramalı idim. – Əziz və gözəl dostum! – deyə miss Hannanın əllərini tutdum. – Siz nahaq yerə mənim sizin sevginizə qarşı laqeyd olduğumu düşünürsünüz. İnsanlar müxtəlif olduğu kimi, onların sevgi qabiliyyətləri də başqa-başqadır. İnsanların bəzisi çox tez sevə bilər, lakin bu sevgi tez başladığı kimi, tez də sönər. Başqa birisi çox gec və təxirlə sevdiyi kimi, o sevgini yaşadar. Bəlkə, özü ilə bərabər qəbrə də apara bilər. Şərqli sevgisi başqa, avropalı sevgisi başqa, amerikalı sevgisi də bir başqadır, bunların hamısı sevgidir, lakin mahiyyətləri və keyfiyyətləri bir deyildir. Mən yalnız sevgili bir qızı quru bir hörmətlə təmin etmək üçün yox, sevmək, hətta başqa gənclərdə təsadüf edə bilməyəcəyiniz bir ürəklə sevmək üçün yaranmışam. Çünki mən qadın arzusunun əsasını təşkil edən ünsürləri yoxlayırkən başlıca olaraq sevgini intixab edə bilmişəm. Qadının ancaq sevgisinə qarşı səmimi bir sevgi qoyulmaqla əsas əməlləri təmin edilmiş olur. – Mən miss Hannanın əlini sıxıb: – Əfv edin, gözəl xanım, – dedim, – bu sözləri haqqımdakı fikirlərinizi batil etmək üçün deyil, öz şəxsi fikrimi sizə bildirmək üçün başınızı ağrıdıram. – Rica edirəm danışın, söhbətiniz maraqlıdır, – deyə miss Hanna məni danışmağa təşviqedici bir halda cavab verdi. – Bizim tanışlığımızın tarixi o qədər uzun deyildir, bu tanışlıq o qədər yaxındır ki, onun günlərini, saatlarını belə saymaq mümkündür. Biz bir-birimizi öyrənərək, düşünərək sevmiş olursaq, sevgimiz tədrici olaraq inkişaf etmiş olursa, istiqbalımız daha da möhkəm olar. Mən laqeyd deyiləm. Mən bir qədər mütəvaze adamam, gec cavab verməyimin səbəbi də yalnız budur. Lakin sizə olan sevgimin daha yüksək bir səviyyəyə qalxmasına çalışıram. Bu sevgi daha möhkəm və daha əzəmətli olacaqdır. Bu sözlərimdən sonra onun bütün vücudu titrədi, əlim əlində, başı çiynimdə olaraq ağladı. Mən onun saçlarını oxşayaraq: – Ağlamağa lüzum yoxdur, hər şey vaxtında lazımdır, – dedim. Qız əlimdən tutaraq iki barmağımı qulaqlarına aparıb dedi: – Bunları, bu qiymətli sırğaları Ələkbər yoldaş mənə gətirdi, bunları mənim üçün aldığınızı söylədi. – O, brilyant sırğaları göstərib barmaqlarımı sarı telləri ilə örtülmüş qulağına basaraq saxladı. Qızın kefi kökələrək səfər xatirələrindən və Livarcan yaylası gecələrindən danışmağa başlamışdı. Şəhərdən kənara çıxmışdıq. Fayton iydə ağaclarının kölgəsi ilə gedirdi. Mən düşünürdüm, üzünə ağ toz qonmuş iydə yarpaqları da sanki düşünməkdə idilər. Sərçələr istinin şiddətindən budaqların kölgəsinə çəkilmiş, dumanlı Təbrizin ictimai və siyasi həyatı kimi mürgüləyirdilər. Əyri-üyrü yollar Təbriz xalqının əqidəsi kimi dolaşıq idi. Yüklü uzunqulaqların iniltisi, yabıların sarğısına dəyən qamçıların şaqqıltısı Azərbaycan kəndlisinin kölələk dövrünə məxsus işgəncəli həyatını təsvir edirdi. Fayton seyrək ağaclıqlara, quru, hərəkətsiz tarlalara yaxınlaşdıqca Payan kəndinə yaxlaşırdıq. Yolun hər iki tərəfində Payan kəndlilərinin zavallı həyat səhnələrinə rast gəlmək olardı. Bu yerlərdə xəstəlik o qədər intişar tapmışdı ki, yollar belə xəstələrlə dolu idi. Birinci xəstə bir arxın içində uzanmışdı, üzündə dəsmal var idi, o, əlini açıb pul istədikdə üzündəki dəsmalı yel qaldırdı, burnu şişib bütün üzünü örtmüşdü, alnından sallanan qırmızı iyrənc ət parçaları onu eybəcər bir şəklə salmışdı. Paltarı düyü həsirlərindən idi. Faytonun digər tərəfində iki nəfər daha gördük, birisinin üzünün əti tökülmüşdü, dişləri görünürdü, o birinin dodaqları tökülmüşdü. Kəndə girincəyə qədər bu cür fəlakətzadələrdən çox gördük, bu xəstələr sürünərək şəhərin kənarlarına qədər gedir və dilənirdilər. Bir dəstə uşaq faytonumuzu görər-görməz çığıra-çığıra qaçıb kəndə yayıldı. Bu səsdən sonra arvadlar evlərdən və qazmalardan çıxıb küçədəki toyuqları tutmağa və quzularını içəriyə çəkməyə başladılar. Biz bunun səbəbini bilmədik. Amerikalıların xəstəxanası kəndin şimal tərəfində olduğundan fayton kəndin içərisi ilə keçib şimala doğru getməli idi. Ruzigar daim şimaldan əsdiyi, natəmiz havanı cənub tərəflərə yaydığı üçün uşaq qəbulu məntəqəsini kəndin şimal hissəsində təşkil etmişdilər. Çadırların və taxtadan qayırılmış müvəqqəti binanın ətrafına geniş bir sahəni əhatə edən tikanlı hasar çəkilmişdi. Orada duran qarovul hasarın ətrafına heç bir kimsəni buraxmırdı. Biz qarovulçudan kənddəki həyəcanın səbəbini soruşduqda, o gülərək dedi: – Bu kənd müctəhidindir. Arabir onun adamları kəndə gəlirlər, toyuqdan, quzudan elə keçəni tutub aparırlar. Odur ki, kəndə fayton gələndə kənd əhli qorxub toyuq-cücəni küçələrdən yığıb gizləyir. – Bəs uşaqlar nə qışqırırdı? – deyə qarovulçudan soruşdum. – Uşaqlar xalqa xəbər vermək üçün: «Tülkülər gəldi! Tülkülər gəldi!» – deyə bağırdılar. Bizi Tütünçüoğlu ilə Həsənağa qarşıladı. Faytondan düşüb çadırlara girdik. Birinci çadır dəftərxanaçıların idi, burada cəmiyyətin haqq-hesab işləri aparılırdı. İkinci çadırda bir qadın həkimi oturmuşdu. Bu qadın uşaqları qəbul və müayinə edir, sağlamları yasliyə, xəstələri isə müalicə çadırına göndərirdi. Üçüncü çadır tədavi çadırı idi. Burada iyirmi səkkiz nəfər xəstə uşaq var idi. Dördüncü çadır sağlam uşaqların çadırı idi, burada elliyə qədər uşaq yerləşmişdi. Hər şey sadə və ucuz başa gətirilsə də, təmizlik yüksək bir dərəcədə idi. Cəmiyyətin bütün aparatı altı nəfər qadın, dördcə kişidən ibarət idi. Bir həkim, bir həkim müavini də əlavə olunduqda bütün cəmiyyətdə 12 nəfər var idi. – Amerika yardım cəmiyyətləri, bu müəssisələri açmaqla bəşəriyyətə yardım verməkdən əlavə bir məqsəd də daşıyırmı? – deyə miss Hannadan soruşdum. Miss əlindəki karandaşı və kiçicik bloknotu redikülünə qoyaraq: – İş belədir, – dedi, – əsas məqsəd bəşəriyyətə yardımdan ibarətdir. Bu uşaqlar tərbiyə ediləcək, yəni ixtisaslar üzrə bölünəcək, ixtisas məktəblərini bitirdikdən sonra cəmiyyətin özünəməxsus müəssisələrində çalışacaqlar, əməkhaqlarının bir hissəsi körpəlikdən müəssisədə çalışmağa girənə qədər üzərlərinə qoyulan məsarifi ödəmək üçün götürüləcəkdir. Qazanclarının bir hissəsi isə işlədiyi zamanlardakı məsarifə xərc ediləcəkdir. Bir hissəsi cəmiyyətin ehtiyat fonduna veriləcəkdir. Toplanan ehtiyat fondları ilə cəmiyyət öz iş dairəsini genişləndirəcəkdir. – Uşaqlar həmişəlikmi cəmiyyətin ixtiyarında qalacaqlar? – Xeyr, – deyə qız tələsik cavab verdi, – hər bir körpəyə istehsalata buraxılınca qədər sərf olunan para dəftərlərə yazılır, dəftərin biri cəmiyyətdə qalır, bir surəti isə istehsalata daxil olan uşağa verilir və ona qoyulan xərc hesabına qazancından çıxılan paralar haman dəftərlərdə qeyd olunur. Məsarif tamamilə ödənildikdən sonra uşaq azaddır. Artıq o, cəmiyyətin müəssisəsindən çıxıb başqa yerdə də işləyə bilər. – Çocuq istehsalata buraxılmadan çocuq sahibi bütün məsarifi cəmiyyətə qaytararsa, çocuğunu ala bilərmi? – Xeyr, ala bilməz. Əvvəla, belə təsadüf heç vaxt olmamışdır. Olsa da, çocuq sahibi ilə cəmiyyət arasında bağlanmış müqavilə buna yol verməz. Dəftərxanaya keçdik. Miss Hanna bağlanmış müqavilələrdən birisini alıb mənə göstərdi. Bu müqavilənamə üzrə Payan kəndi sakini Mir Həsən Mir Abdulla oğlu iki yaşında olan qızı Tutunu öz xoşu ilə cəmiyyətin ixtiyarına verirdi. Müqavilənamə bağlanan gündən sonra uşağın üzərində atasının heç bir ixtiyarı qalmırdı, bunun müqabilində uşaq sahibinə beş tümən də İran pulu verilməli idi. Miss Hanna cəmiyyətin işlərini yoxlamaqla məşğul oldu, mən də ətrafı gözdən keçirməklə Amerika kapitalistlərinin bu istismar aparatı haqqında düşünürdüm. Həsənağanı çağırdım, silahlar qoyulan qazmaları birlikdə gözdən keçirdik. Silahlar möhkəm və ehtiyatlı bir surətdə saxlanırdı. Çadıra qayıtdım. Miss Hanna da işini qurtardı, kəndi gəzməyə başladıq. Kənd əhli bağçılıqla, əkinçiliklə, ticarətlə və dilənçiliklə məşğul olurdu. Kənddə təzə və yamaqsız paltara təsadüf etmədik. Kişilərin çoxusu çılpaqdı. Qadınların da bir çoxu cürbəcür cındırları quraşdırıb onunla öz əndamını örtmüşdü. Qazmaların qabağında çılpaq qadınların yeni doğulmuş körpələrini əmizdirdiyini gördüm. Həsir və küləş içində yatanları da vardı. Bu körpəli qadınlar öz uşaqlarını amerikalılara vermək istəməyənlər idi. Kəndin mollası Mirzə Əbdülrəhim axund ilə görüşdük, o da «sərtan» xəstəliyinə tutulmuş idi. Çox təcrübəli, çox gəzmiş və çox da yaşamış dərviş Əhməd adlı qoca bir kişiyə rast gəldik. O özünün sağlam olduğunu və böyük diqqət nəticəsində özünü yoluxma xəstəliklərdən qoruya bildiyini iddia edirdi. Qoca bu kəndin keçmişindən danışırdı: – Bu kənd Təbriz mahalında havasının, suyunun, meyvəsinin yaxşılığı ilə məşhur olan bir kənd idi, hətta mən də başqa kənddən olduğuma baxmayaraq, bu kəndə köçdüm. Buradakı adamların hamısı sağlam idi, xüsusən bu kəndin arvadları Təbrizdə tərif olunurdu. Payan kəndinə «gözəllər kəndi» deyərdilər. On beş il bundan əvvələ qədər kənd mən dediyim kimi idi. Qoca bunu deyərək, çubuğunu yandırmağa başladı. Yanımızdan gəlib-gedən qadınları nəzərdən keçirirdim, xəstə olduqlarına baxmayaraq, yenə də qoca kişinin dediklərini sübut edirdilər. – Mən çox şəhərlər gəzmişəm. Misirdə, Hindistanda, Osmanlıda, hətta Rusiyada da olmuşam. Çox zamanlar həkimlik etmişəm. İndi də həkimliyi işlədirəm. Lakin bu kəndin xəstəliyinə mənim həkimliyim kömək etmir. Bu iş hökumət işidir. – Bu kəndə xəstəlik nə vasitə ilə yayılmışdır? – deyə dərviş Əhmədə sual verdim. – Çox asan bir yol ilə, – deyə qoca cavab verdi, – xəstəlik bura şəhərdən sirayət etdi. On beş il bundan əvvəl bu kəndə şəhərdən bir nəfər alış-verişçi gəldi. Alış-verişçi dəmirçi usta Qənbər ilə tanış idi, özü də çox cavan deyildi. O, usta Qənbərin gözəl qızı Sultanı sevdi, dəmirçi də yoxsul bir adam idi, Sultanı az bir məbləğ müqabilinə alış-verişçiyə verdi. O, qızı şəhərə köçürdü, iki ildən sonra qızı boşadı, saxlamadı. Qız kəndə gələndə onun dodaqlarında, döşlərində yaralar çıxmışdı. Mənə göstərdilər. Mən bunun zöhrəvi xəstəlik olduğunu onlara dedim. Qızı şəhərə aparıb müalicə etdirə bilmədilər, mənim o işə gücüm çatmazdı, siz bilirsiniz, ona başqa cür müalicə lazım idi. Xəstəlik Sultanın kiçik bacısına, cavan qardaşına da sirayət etdi. Qızı qonşuda birisinə ərə verdilər. Mən yalvarıb mane oldum, amma sözümə baxmadılar. Xəstəlik qonşulara keçdi. Sultan isə bir ildən sonra dəli olmuşdu, dəliliklə xeyli yaşadı, axırda özünü suya atıb boğdu. İndi də kənddə həmən xəstəliyə Sultan yarası deyirlər. Kəndimizin adı xəstələr kəndi qaldı, buna görə də Təbriz hökuməti Təbriz küçələrində yayılan bütün xəstələri bizim kəndimizə sürgün edir. Bütün bu qazmaları xəstələr qazmışlar. Binalar isə yerli əhalinindir. Bədbəxtliyimizin böyüyü orasındadır ki, başqa kəndlərə də köçüb gedə bilmirik. Sağlam adamlarımız da məhv olub gedir. Bu kəndin adamını başqa kəndə qoymurlar, adımız pisliyə çıxıb, mübtəla Mirzə Həsən bizi buradan çıxmağa qoymur, tamamən bədbəxt olmuşuq. * * * Əmir Heşmət nəzmiyyə rəisi Bu gün ilk müvəffəqiyyətimizin bayram günü idi. İclalülmülk rus hərbi komandanlığı ilə razılaşmış, konsulxananın icazəsini əldə etmiş və Təbriz nəzmiyyəsi başına Əmir Heşmətin təyin edilməsi üçün əmr vermişdi. Bu gün Əmir Heşmət nəzmiyyəni qəbul etmişdi. Məşədi Kazım bu münasibətlə böyük bir ziyafət vermişdi. Ziyafətdə məndən başqa, Bala Tağı, Mirzə Əhməd və Hacı Əli iştirak edirdi. Əmir Heşməti gözləyirdik, o, nəzmiyyə rəisi paltarında gəldi. Öz vəziyyətinə özü belə gülürdü. Biz onu təbrik etdikdən sonra o, təzə təhvil götürdüyü nəzmiyyə haqqında məlumat verdi: – Nəzmiyyənin adı varsa da, özü yoxdur. Üç yüz nəfərlik nəzmiyyə dəstəsinin özünü yox, ancaq adlarını siyahı üzrə qəbul etmişəm. Silahlar çox adi və dəyərsizdir. Bina yox kimidir. Maaşlar verilmədiyi üçün nəzmiyyə nəfərləri dağılıb getmişdir. Hər halda, bizim ixtiyarımızda üç yüz nəfərlik silahlı qüvvə saxlamaq icazəsi vardır. Gələcəkdə nə iş görəcəyimizi, bu nəzmiyyəni nə şəkildə quracağımızı bu gün təyin etməliyik. – Nəzmiyyənin saxlanması üçün pul buraxılırmı? – deyə soruşdum. – Müəyyən büdcəsi vardır, lakin təxsisatı buraxan hökumət sandığında bir dinar da olsa, pul yoxdur. İclalülmülk təxsisat haqqında yağlı vədlər verdi. Tehrana pul üçün yazdığını söylədi. Onun son sözü bu oldu: «Sizin müvəffəqiyyətinizi xudavənd təbarək təaladan təmənna edirəm. Görün, bəlkə, borc pul tapıb hələlik işləri sahmana sala bildiniz». – Eybi yoxdur. Pul taparıq, zənnimcə Müxbirüssəltənə gəldikdən sonra nəzmiyyə üçün buraxılan təxsisatı hissə-hissə olsa da, elə gətirmək mümkündür, – dedikdə ziyafətdə bir sükut hökm sürməyə başladı. Mən Əmir Heşmətə müraciətlə: – Birinci növbədə, vəzifə başında olanların libasını düzəltmək üçün nə qədər pul lazımdır? – Üç yüz nəfərdən silah başında həştad nəfər vardır, bunların libasları üçün min tümən lazımdır. – Min tüməni mən verəcəyəm, – deyə cürətlə cavab verdim, – sabahdan etibarən onların paltarlarını sifariş verərsən. Mənim bu sözümdən sonra Məşədi Kazım ağa Əmir Heşmətə müraciətlə: – Pul sandıqda hazırdır, hər vaxt istəsəniz, ala bilərsiniz, – dedi. – İndi bir işimiz qaldı, – dedim, – nəzmiyyə dəstəsinin özünü deyil, quru siyahısını təhvil götürmək bizim üçün böyük bir qələbədir, çünki onların hamısı vəzifə başında olsaydı, dəyişdirmək və yerində inqilabda tanınmış gənclərdən qoymaq çətin olacaq idi. İndi isə bizim əlimizdə böyük bir bəhanə vardır. Biz indidən 220 nəfər adamımızı nəzmiyyəyə qəbul edə bilərik. Vəzifə başından gedənlərin hamısını çağırıb onların işdən xaric olduqlarını elan etməklə silahlarını almalıyıq. Belə bir elan yazıldı: «Təbriz nəzmiyyəsi siyahısında olub, iki aydan bəri vəzifə başına gəlməyən bütün nəzmiyyə əfradına: yerlilərin rahat yaşayışını təmin etmək və şəhər daxilində olan nizamsızlıqla mübarizə aparmaq üçün Təbriz nəzmiyyəsi öz tərkibini dəyişməyə məcbur olmuşdur. Bu elan veriləndən üç gün sonraya qədər sırasından qaçan bütün nəzmiyyə əfradı öz silahlarını nəzmiyyə idarəsinə təhvil verməlidir. Bu müddətdən sonra nəzmiyyə idarəsi elannaməyə əhəmiyyət verməyənlər haqqında inzibati tədbirlər görəcəkdir. Təbriz şəhərinin nəzmiyyə rəisi Əmir Heşmət». Sabah tezdən bu elan Təbriz küçələrinə vurulmalı idi. Bundan sonra inqilabda iştirak edən və inqilabi siması bizə bəlli olan gənclərin siyahısını gözdən keçirdik. Hələlik 220 nəfərin ayrıca siyahısını düzəltdik. Sabahdan etibarən bunlar çağırılacaq və nəzmiyyə vəzifəsinə təyin ediləcək idi. Əmir Heşmət belə bir sual verdi: – Silahlar yenə də olduğu kimi qalacaqdırmı? Çox köhnədirlər. Əski İran ordusunun silahlarıdır. – Elə də qalmalıdır. Silahı dəyişdirmək rusların şübhəsini qazandırmış olar. Silahı hər zaman dəyişdirmək mümkündür, nəzmiyyədə intizam və paltarların gözəlliyi lazımdır. Bununla da yeni hökumətə gələcək Müxbirüssəltənənin rəğbətini qazanmalıyıq, biz bu rəğbəti qazanar, hər bir işi görə bilərik. İkinci məsələ Əbülqasım xandan alınan məktubun müzakirəsi idi. Əbülqasım xan belə yazırdı: «Mən Xoy şəhərinə gəldiyim gün buraya Makudan da nümayəndə gəlmişdi. Onlar Xoyda olan silahların Makuya aparılması üçün Xoyun hazırkı hakimi Heydər xan Əmir Tuman ilə müzakirə aparırdılar, lakin, deyəsən, Heydər xan onların sözlərinə əhəmiyyət verməmişdir. Əvvəla, ruslar silahların Makuya göndərilməsinə razı deyil, Maku ilə onların əlaqələri pisdir, deyirlər ki, Maku xanı rus tərəfdarlarını sıxır, əziyyət verir. İkincisi, Xoy hakimi Heydər xan Əmir Tuman silahların harada olduğunu bilmir. İndi şəhərə adam salıb köpək kimi hər tərəfi qoxlayaraq silahları tapdırmaq istəyir. Biz bu işi yaxşı bir zamanda başlamışıq. Bu gün silahların lazımlı və böyük hissəsi Kutçu kəndinə göndərildi. Yarısı da sabah göndəriləcək. Hər halda, bu barədə əmin ola bilərsiniz. Şəhərdə çox rus zabiti vardır. Qoşun gələcəyi haqqında danışırlar. Tələdən eşiyə, Urmuya gedən xiyabanın ətrafındakı karvansaraların hamısını ruslar icarəyə götürübdür. Təzə konsulxana binası da o tərəflərdədir. Bir kərə də Kutçu kəndinə gedəcək silahları gözdən keçirib Təbrizə qayıdacağam. Hamı rəfiqlərə salam. Əbülqasım». Bu məktubda yazılanlar bizim üçün bir müvəffəqiyyət idi. Bütün bu məsələlər həll edildikdən sonra yemək gətirildi, mən süfrə başına oturarkən: – Bu süfrə tarixi bir süfrədir, – dedim, – inqilabın silahlı qüvvəsi yenidən doğuldu. * * * Çar hökumətinin yeni macərası Nina heç gözləmədiyim bir zamanda Məcidi və Təhminə xanımı götürüb şam yeməyinə gəlmişdi. Bu gəliş səbəbsiz deyildi, daima fövqəladə və mühüm bir hadisə baş verdiyi zaman Nina məni başqa yerdə tapa bilmədiyindən evimə gələrdi. Nina bu gün də qadın azadlığı cəmiyyəti təşkili haqqındakı təşəbbüslərimizdən xəbər tutmaq üçün gəlmişdi. Görüşdükdən sonra iclasda danışdıqlarımızı, əvvəlcə burada nə kimi bir cəmiyyət olduğunu, indi nə kimi bir şey təşkil etmək fikrində olduğumuzu Ninaya olduğu kimi söylədim. Nina, qadın azadlığı cəmiyyəti üzvləri sırasında Hüseyn xanın adını eşidər-eşitməz: – Onu kənara atın! – deyə etiraz etdi. – Nə üçün? O, fəal bir zatdır. – Doğrudur, fəaldır. Lakin çar konsulunun tapşırdığı vəzifələr üçün fəaldır. – Ola bilməz! – Olar. Kimlərin casus olduğunu bilsən, öz millətinə ölüncəyə qədər nifrət edərsən. – Gözəl Nina! Doğrudur, mübahisə açmaq istəmirəm, lakin Mirzə Hüseyn xan qadın azadlığı tərəfdarıdır. Onun «Ədalət» qəzetində qadın azadlığı barəsində «Gec qabırğa» sərlövhəsi altında yazdığı bir sıra məqalələrini də mənə oxumuşlar. – Orada, yəqin, konsulun əli vardır. Bunların hamısı öz yerində, bir də Təbriz kimi yerdə bu, hələ çox tezdir. Bundan daha mühüm bir məsələ vardır, bunun üçün də tək gələcəkdim, Məcid evdə oturmaq istəmədi, nəhayət, köç-külfətlə yığışıb gəlməyə və səni narahat etməyə məcbur oldum. Bağçada yasəmən budaqları altından əyilərək keçdik. Hava qaranlıq olsa da, ətrafımızdakı güllərin rəngini təyin etmək mümkün idi. Güllər yenicə sulanmışdı. Əlvan yarpaqların üzərindəki qətrələr brilyant kimi parlayırdı, bu qətrələr çoxdan bəri arzusunda olduğu bir cümləni ansızın olaraq eşidən bir qızın çöhrəsindəki tər damcılarını təmsil edirdi. Nina həmişəbahar gülünün budaqları arasından keçərkən Livarcan yaylasının axşama məxsus mehləri də əsməyə başlamışdı. Mehlərdən hərəkətə gəlmiş həmişəbaharın tikanlı yarpaqları latış qızının al yanaqlarına toxunub onunla əylənirdi. Çiçəklərin müxtəlif rayihələri ilə canlanmağa başlayan sevgi duyğuları Ninanın başında çəkilməz bir siqlət təşkil edirmiş kimi gül yarpaqlarına qarışan sarı saçları əyilərək çiynimə düşürdü. Birdən sanki Ninanı bir səs oyandırdı, o diksindi, dönüb baxdıqda Məcidin bizi araladığını, ikimizin də əlindən tutub gəzmək istədiyini gördük. Nina bir Məcidə və bir də mənə baxaraq güldü və: – Məni dinlə! – dedi, – çar hökuməti yeni bir macəra düzəltməkdədir. Məhəmmədəlinin yenidən taxta çıxarılması üçün hazırlıq görülməkdədir. Tehran səfarəti ilə Peterburq arasında gedən müzakirənin surətləri Təbriz konsulxanasına göndərilmişdir. İngilislər də buna razılıq vermişdir. Məhəmmədəlinin hansı tərəfdən İrana daxil olması müəyyən deyilsə də, ona yardım etməyi vəd edən qəbilələrdən onun Türkmənistan tərəflərdən girəcəyi bəlli olur. Şaha yardım vədəsi verənlər Şahsevən, Türkmən, Cəfərbay qəbiləsi, Talış Mikayıllı, Hacıxocalı, Can xanımlı, Poladlı və Gümüş türkmən qəbilələrindən ibarətdir. Konsulxanaya müəyyən təlimat göndərilmişdir. Konsul Məhəmmədəlinin qələbəsinə inanır, onun zənninə görə, bütün qəbilələr, bütün yerli hakimlər Məhəmmədəlinin tərəfindədir, çünki yeni idarə onların müstəqil yaşamasına imkan verməməyə çalışır. Konsulun fikrincə, sərdar Bahadır Yefremin Rəhim xanı məğlub etməsi başqa müstəqil feodalları da qorxuya salmışdır, bunun üçün də Məhəmmədəli tərəfdarlarının sayı gündən-günə artmaqdadır. Nina çox həyəcan və tələşla danışırdı. O, sanki Məhəmmədəlinin qələbə çalacağına və taxta oturacağına inanırdı. Əlimi onun saçları üzərində gəzdirərək: – Tökülmüş suyu yerinə qaytarmaq olmaz, – dedim, – Məhəmmədəli şah Tehran və kazak briqadası əlində olduğu zaman bir iş görə bilmədi, indi beş-on vəhşi qəbilə ilə taxtı əldə edə biləcəkmi? Ölkənin bütün dinclik sevən əhalisi, ruhanilərin liberal və tərəqqipərvər hissəsi, tacirlər, dükançılar, xırda burjuaziya, sənətkarlar, kəndlilər tamamilə Məhəmmədəlinin əleyhinədirlər. – Bunu çar Rusiyası bilirmi? – deyə Nina təəccüblə soruşdu. – Əlbəttə ki, bilir. Konsul da bilir, onların əlində alət olan Məhəmmədəli də gözəlcəsinə anlayır ki, bu işdən yaxşı bir nəticə əldə edə bilməyəcəkdir. – Bəs nə üçün onu İrana gətirirlər? – Onlar Tehran hökumətini qorxutmaq, Rusiya–İngiltərə tələblərinə boyun əyməyə məcbur etmək istəyirlər. Daha sonra seçkilər başlanmaqdadır. Mərkəzdə rus əleyhdarları gündən-günə çoxalır. Rusiya siyasəti məğlub olur, onun İran torpağına daxil olması ziyalı təbəqənin nifrətinə səbəb olmuşdur, bunun üçün də Rusiya hökuməti hələ öz mövqeyini bərkitməmiş məşrutəli hökuməti yeni təhlükə qarşısında qoymağa çalışmaq istəyir. Bu plan İranı tamamilə Rusiya–İngiltərə nüfuzuna təslim etmək planıdır. – Bəs necə olacaqdır? – deyə Nina soruşdu. – Məhəmmədəlini İrandan rəzil bir surətdə qovacaqlar, o bu səfərindən heç bir şey qazanmayacaqdır. Məcid bizdən ayrılıb getmişdi. Hələ söhbətimizi bitirmədən Məcid ilə Hüseynəli əminin çəkişdiyini eşitdik. Məcid yenə də hovuzdakı balıqlardan birisini tələb edir, Hüseynəli əmi isə vermək istəmirdi. – Sən yenə heyvanı öldürüb pişiyə verəcəksən, – deyirdi. Səriyyə xala ərini məzəmmət edir və uşağı razı salmasını təkid edirdi. Biz söhbətimizi burada qurtarmağa məcbur olduq. Şam vaxtı idi. Məşədi Kazım ağa da gəlmişdi. Şamı bir yerdə yedik. Söhbətimiz gecə saat on ikiyə qədər davam etdi. On ikidən sonra Ninanı və Təhminə xanımı evinə müşayiət etmək üçün Məşədi Kazım ağa ilə birlikdə evdən çıxdıq. * * * Miss Hannanın məktubu Mən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi. Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı. Nəsir salam verərək məktubu mənə uzatdı. – Mən də sizin hüzurunuza xanımın bu məktubunu gətirirdim, – dedi. Məktubu qoynuma qoyaraq içəri girdikdə: – Nəsrulla, məktubu gətir mənə, – deyərək miss Hannanın qulluqçunu səslədiyini eşitdim. – Xanım, məktubu öz sahibinə verdim, – cavabının eşitdikdə qızın rəngi qızardı. – Siz o məktubu mənə göndərməmişdinizmi? – Bəli, sizə göndərmişdim, lakin bir çox sözlər var ki, qızlar onu dildə deyə bilmədiklərindən məktublarda yazırlar. – Çox gözəl, siz də dildə deyil, məktubda yazmışsınız, daha nə üçün geri almaq istəyirsiniz? – Siz mənə söz verin ki, məktubu burada oxumayacaqsınız. – Çox yaxşı, onun qısa məzmununu mənə söyləsəniz, daha kağızı oxumaram, yoxsa mən nigaran qalmamaq üçün məktubu oxumalıyam. Hələ məktubun gözəl və səmimi bir qız tərəfindən yazıldığı da məni maraqlandırır və məktubu açmağa məcbur edir. – Sizi mühüm bir iş üçün çağırmışam, – deyə o, fikrimi başqa tərəfə çevirmək üçün tez cavab verdi. – Vətəninizi bir təhlükə gözləyir. Rəhbərləri çalışqanlıq göstərsə, bu təhlükə o qədər də böyük bir təhlükə deyildir. – Dediyiniz rəhbərlər bizdə vardırmı? – Onsuz da deyil, bir ölkənin əvvəlcə rəhbəri, sonra inqilabı doğmuş olur. Rəhbərsiz inqilab mümkün deyildir. Mən qəlbimi sizə verdiyim kimi içindəkiləri də sizə verməyə hazıram. Amerika konsulxanasında yeni bir xəbər vardır, o xəbər Məhəmmədəlinin İrana gətirilməsi xəbəridir. Rusiya hökuməti bu macəranı tezliklə həyata keçirəcəkdir. Bəlkə, bu xəbəri Tehran hökuməti bilmir. – Bilmədiyini haradan bilirsiniz? – Bilsəydi, nota verərdi. İranın buna haqqı vardır. Bu gün konsulxanada Rusiya və İngiltərənin İran ilə olan müqaviləsini oxuyurdular. – Hansı müqaviləni? – deyə soruşdum. – 1909-cu il avqust ayının 25-də bağlanmış müqaviləyə görə, İngiltərə–Rusiya dövlətləri əski şahın İranda təşviqat aparmasına mane olmalıdırlar. – Güclü dövlətlərin müqaviləsinə ancaq gücsüz dövlətlər inana bilər, belə deyilmi? – İş bacarmaq lazımdır. Gücsüzlər «gücsüzəm» deyərək təslim olmamalıdırlar. Hər halda, Məhəmmədəli şah qalib gəlməsə belə, Amerika siyasi dairələri İranda ciddi bir anarxiya başlanacağına inanırlar. – Bunu siz nədən bilirsiniz? Qız ayağa durdu, portfelindən bir məktub çıxardı və: – Bunu sizə oxumaq üçün gətirmişəm. Bu məktubu Tehrandan Təbriz konsuluna göndərmişlər. Lakin bunların hamısı öz aramızda qalmalıdır, – dedi. – Sizə qarşı hörmətim və səmimi əlaqəm nəticəsindəndir ki, vətəninizin bədbəxtliyi, yaxud xoşbəxtliyi ilə əlaqədar olan hər bir xəbəri diqqətlə təqib edirəm. Bu günlərdə Amerikanın İrandakı ticarət müəssisələri öz fəaliyyətini dayandıracaq və İran tacirlərinin özlərinə hiss etdirmədən kredit buraxmaqdan boyun qaçıracaqlar. Şərqi İrandakı ticarət tamamilə dayandırılacaqdır. Bu teleqramın surəti Rəşt, Bəndərgiz, Xorasan, Qəzvin və sair yerlərdəki Amerika nümayəndələrinə də göndərilmişdir. Yaxın günlərdə Təbriz müəssisələrinə də xəbər veriləcəkdir. – Amerika hökuməti Rusiya– İngiltərənin bu macərasına qarşı bitərəfmi qalacaqdır? – İran Rusiya–İngiltərənin nüfuz məntəqəsidir, buralarda Amerikanın da ticarət etməyə haqqı vardır. Lakin nə qədər ki, bu hüquqa toxunulmayır, Amerikanın siyasi məsələlərə qarışmağa haqqı yoxdur. – Ticarət müəssisələrinin qapanması mənafeyə toxunmaq deyildirmi? – Doğrudur. Lakin istər Rusiya, istərsə İngiltərə bunun səbəbini özlərində deyil, İranda görür və bunu başqa dövlətlərə isbat etməyə çalışmaqdadır. Başqa və mühüm cəhətlər də vardır: Rusiya və İngiltərənin İran işlərində sazişə girmələrinə baxmayaraq, yenə də biri digərinə qarşı rəqabət aparmaqdadır. Çünki Rusiyanın İranda həddindən artıq irəli getməsi İngiltərənin Şərqdəki mənafeyi ilə uyğun deyildir. Üçüncü rəqib də cahangir Almaniyadan ibarətdir, o, dəxi, Anadolu və Beynənnəhreyn tərəflərdə nüfuz qazandığı üçün İngiltərəni və eləcə də Rusiyanı qorxutmaqdadır. İngiltərə–Rusiyanın Yaxın Şərqdə irəli getməsi də Almaniyanın Bağdad dəmiryolunu qorxudur. Bu dəmiryolu bütün Osmanlını, o cümlədən Beynənnəhreyni Almaniya müstəmləkəsi qayırmışdır. Bununla da İngiltərənin həm Hindistan, həm də İraq ilə qonşu olan ərəb ölkələri Almaniyanın qorxusu altında qalır. İngiltərə, Almaniya, Rusiya, eyni zamanda bu üç dövlətin biri digərinə qarşı qoyduğu kəskin mübarizə dördüncü bir dövlətin istifadəsinə imkan verməkdədir. Dördüncü dövlət Amerika Birləşmiş Ştatlarıdır. Onlar İranla əlaqədar dövlətlərin biri digərinə qarşı apardığı mübarizədən olduğu kimi istifadə edirlər. Odur ki, Amerika sülh və ticarət yolunu intixab etmişdir. – Elədir, – deyə gülərək qıza cavab verdim. – Amerikanın dəniz qüvvəsi İran və Anadolu dağlarına çıxa bilsəydi, yəqin ki, o, sülh və ticarət yolundan başqa, daha bəzi yollar intixab edərdi. Qız bu sözümü səmimi və doğru olduğu üçün təsdiq etdi. Mən isə bu mövzunu uzatmaq istəmədim, çünki qız mütəəssib bir amerikalı idi. O bu sirləri bizə mənə hörmət etdiyi üçün deyil, Rusiyaya düşmən olduğu və Rusiyanın xəyanətlərini ifşa etmək istədiyi üçün verirdi. Hətta mənə olan sevgi də burada o qədər böyük rol oynamırdı. Nə olursa-olsun, qız bizə lazım idi. Onun ruhunu oxşamalı, onu razı salmalı idim. Odur ki: – Fikriniz doğrudur, miss, – dedim. Qız mənə yaxınlaşaraq nəvazişkar bir surətdə: – Bundan sonra məni Hanna deyə çağırınız, – dedi, – mən də sizi istədiyim kimi çağıracağam. Məncə, rəsmiyyətin vaxtı keçmişdir, çünki tanışlığımız ikinci dövrünə girməkdədir. – Sizi bu razı salırsa, mən də etiraz etmirəm, – dedim. – Miss Hannanın yenə sevgi və ailə qurmaq fəlsəfəsi başlayacağını hiss edirdim. O bunu bütün vəziyyəti ilə sezdirirdi. Kürsüsünü irəli çəkib başını çiynimə söykəmişdi, bütün gözəlliyi ilə məni cəzb etməyə çalışırdı. Bəzən onun nazik və titrək dodaqları yaxalığımda gəzirdi. Mən isə bu zaman nələr düşünürdüm? «Mən gəncəm, – deyirdim, – qızlara yanaşmağı bacarıram, onlara hörmət bəsləyirəm, sevgilərini doğura biləcək bir şəkildə rəftar edə bilirəm, nəticədə bu sevgi doğur. Mən Nina ilə də belə başladım. Qızın mənə bağlanmasına özüm səbəb oldum. Onu özümə qırılmaz, unudulmaz bir surətdə bağladım, o da mənim üçün yaşadığını hər bir hərəkətində bildirdi. Onun inqilaba olan mühüm xidmətləri də qızın həqiqi sevgisindən bir nümunə idi. İndi də mənimlə həmişəlik bir istiqbal qurmaq arzusunu daşıyır. Hərgah mən bütün bu oyunları, yaxud sevgini bildirəcək təqlidləri inqilabın tələbinə görə yapdımsa, burada nöqsan Ninanın deyildir, çünki o məni bir inqilabçı olmasam belə, sevəcək idi. O öz həyatını mənim müəyyən olmayan həyatım ilə bağlamaqdan heç də qorxmur. İndi mən ikinci bir Ninanın saçları kölgəsində durarkən sanki birinci Nina bütün sevgisi, bütün inqilabi fəaliyyəti ilə qarşımda durub mənə gülür və nifrətlər yağdırırdı. Lakin bu qız bizə lazım idi. Onun ruhunu oxşamalı, onu əyləndirməli idim. Bunların hamısı lazım idi. Fəqət bütün bu istifadələrdən sonra onun həyatı nə olacaqdı? Biz İrana sevmək və evlənmək, öz vicdanını, öz sirrini, öz namusunu etibar edənlərə qarşı xəyanətdə bulunmaq üçün gəlməmişdik. Nina mənə, mən də Ninaya bağlandımsa, bu da müştərək inqilabi fəaliyyətimiz sayəsində yaranmış oldu. Bu hadisə mənim İranda keçirdiyim həyatda ilk və tarixi hadisədir, bu hadisə bir daha təkrar olunmamalı idi». Mən bunları düşünür və miss Hannaya bağlanmaqdan boyun qaçırmağı qərara alırkən, qızın pencəyimin düymələrinə dolaşmış sarı telləri onu tora düşmüş bir quş ürəyi kimi çırpınan qəlbimə bağlamağa çalışırdı. İpək donunun şəfəqlərinə qələbə çalan ağ, mərmər qollar, Amerika altununu təmsil edən füsunkar saçlar məni məngənə arasına alıb sıxsa da, ürəyim saf, vicdanım təmiz, hərəkətlərim səmimi idi. Bunu məndən onun qızlıq namusu və qızlıq əzəməti də tələb edirdi. – Gözəl Hannam! – deyə onu səslədim. O, başını köksümdən götürmək istədikdə saçlarının düymələrimə dolaşdığını görüb: – Mən yalnız ürəyimlə, qanımla deyil, zahiri görünüşlərimlə də sənə bağlandım, – dedi. Onun saçlarını düymələrimdən xilas edərək: – Həyat və sevgi çox incə və diqqət tələb edən bir məsələdir, – dedim. – Bunu heç birimiz inkar edə bilmərik. Gözəl Hannam! Mənə olan sevginizə mənim də sıx bir sevgi ilə cavab verəcəyimə icazə verirsənsə, o zaman mən özümü bəxtiyar bir gənc hesab etmiş olaram, fəqət kiçik bir şərt ilə. – O şərt nədən ibarətdir? – deyə qız qızarmış və həyəcanlı çöhrə ilə soruşdu. – Biz heç vaxt tələsməməliyik, hər ikimizin yaradanımız vardır. Atamız, anamız bizim həyatımızın səbəbləridir. Onların məsləhəti olmadan iş görmək, hətta həyat məsələsini həll etmək onları təhqir etmək kimidir. Heç şübhə yoxdur ki, onlar bizim arzumuzun əleyhinə hərəkət etməyəcəkdir, çünki onlar bizim ağıllı və düşüncəli gənc olduğumuzu bilirlər. – Etirazım yoxdur. Bunu mən də düşünürdüm. Onlara xəbər verəcəkdim, – deyə qız qalxıb içəri otağa keçdi, saçlarını, tualetini düzəldərək qayıtdı, fəqət üzümə baxmayır, sanki utanırdı. Amerikalı qadın samovarı gətirdi, çay içdik, gecə saat on ikiyə işlədikdə qızla vidalaşıb çıxdım. Evdə lampanı yandırıb qızın xidmətçi ilə göndərdiyi məktubu oxumağa başladım. «Bu gün sizi təcili bir işdən ötrü gözləyirəm. Mühüm xəbərlər vardır. Bir də indiyə qədər sizə söyləyə bilmədiyim bir sözü söyləmək istəyirəm. Arzular böyüdüyündən köksümdə yerləşmir, – onları sizə deməliyəm. Tez gəlin... Sizi sevən Hanna». * * * Böyük qazanc Bugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi. İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim. – Amerika ticarət müəssisələri ilə əlaqəniz vardırmı? – deyə soruşdum. – Vardır. Onlar daima bizə böyük etibarlar buraxırlar, xüsusən bu günlər bizə böyük bir mal və uzunmüddətli bir kredit buraxmaq təklifini də etdilər, biz qəbul etmədik. – Nə üçün? – Çünki mallar ağır satılan mallardır. Dalısı da gəlir, o qədər də qazanclı deyildir. – Səhər tezdən Amerika ticarət müəssisələrinin hamısı ilə müqavilə bağlar, əllərində olan bütün malları alarsınız. – Bu mümkündürmü? – Onlar sizə etibar etməzlərmi? – Nə üçün etməzlər, biz aldığımız malları əridə bilərik. – Sizə nə deyirəmsə, elə də edin. Vaşinqtondan və Tehrandan gələn əmrə görə, Amerika ticarət müəssisələri ticarəti dayandıracaq və İran tacirlərinə veriləcək kreditləri kəsəcəklər. – Belə olduqda daha onlar bizə kredit buraxarmı, mal satarmı? – Satarlar. Hələ onlara xəbər verilməmişdir, bu günlərdə ümumi müşavirə çağırılacaqdır. – Amerikalılardan o malları ala bilsəm, onlar İrana bircə ay mal daxil etməsə, dinməz-söyləməz bircə milyon tümən pul qazanmaq olar. Heç şübhə yoxdur ki, bu qazancın yarısı sizə minnətdardır. – Mənə şəxsən bir şey lazım deyildir, lakin əks-inqilab və onun arxa verdiyi çar hökuməti ilə aparılan mübarizədə bizə pul lazımdır. – Onsuz da mən paraya olan bütün ehtiyacları ödəməyə hazıram, – deyərək ticarətin dadlı xəyalları bu İran demokratının nəzərində cilvələnməyə başladı. Səhər çayını içməyə başlarkən yoldaşlar gəlib çıxdı. Mən rus konsulxanasından aldığım məlumatı iclasdakılara xəbər verdim, bu xəbər hamını düşündürdü. – Tehrana xəbər verilməlidir, – deyə Hacı Əli söz aldı. – Müəyyən sərhədlərdə hazırlıq görmələri lazımdır. Tehran bilmir, bilsəydi, səs çıxarmışdı. Hamı danışırdı, Məhəmmədəlinin Təbrizə gələcəyi ehtimalını aralığa sürdülər. – Bəlkə də, o, buradakı ruslara arxalanmaqla öz qüvvəsini toplayıb Tehrana yürüş edəcəkdir, – deyə Mirzə Əhməd inandırıcı bir vəziyyət alaraq soruşdu. – Yox, belə iş olmaz, – dedim. – Ruslar onu Təbrizə gətirməz. Açıqdan-açığa ona yardım belə verə bilməz. Məhəmmədəli Türkmənistan, yainki Koçan və Xorasandan işə başlayacaqdır. İclasda Tehrana məktub göndərməkmi, teleqram vurmaqmı? – məsələsi də müzakirə edildi. Məşədi Kazım ağanın Tehrandakı ticarət şöbəsinə teleqram göndərmək, oranın vasitəsilə də hökumətin qulağına çatdırmaq qərara alındı. Teleqramı Məşədi Kazım ağa özü tərtib etdi və xüsusi bir məktubla poçt-teleqraf rəisinə göndərdi. Teleqram belə idi: «Rusiyaya göndərdiyimiz malı geri qaytarırlar. Hansı bənddən keçəcəyi məlum deyildir. Əlbəttə, bu barədə təşəbbüsdə bulunmalısınız. Təfsilatı poçt ilə göndərəcəyəm. Kazım». Biz hələ müzakirəmizi bitirməmişdik ki, poçt-teleqraf rəisi göndərdiyimiz teleqramla bərabər gəldi və: – Teleqramı belə göndərmək mümkün deyildir, – dedi, – ruslar bütün teleqramları müayinə edir, lentlərin hamısı Şahzadə bağında müəyyən adamlar tərəfindən tərcümə edilir. Bunun başqa bir çarəsi vardır. Mən hər gecə saat birdən sonra bilavasitə Tehran poçt-teleqraf rəisi ilə danışıram. Bu cür teleqramları ancaq onun vasitəsilə lazımi yerinə göndərə bilərik. Mən bu adamı tanımırdım. Hacı Əli ağa bunu hiss etdiyindən məni poçt-teleqraf rəisi ilə tanış etdi. – Məşhur vətənpərəstlərimizdən cənab Əlixan Bəsirilmülkdür. Qeyrətli cavanlarımızdan birisidir, – dedi. – İngilis və rusların birinci düşmənidir. Tehran teleqraf rəisi Nədimissoltan cənabları da cənab Bəsirilmülkün böyük qardaşıdır, bu dudman nəcib bir dudmandır. Mən Bəsirilmülk ilə tanış oldum və tanışlıqdan çox məmnun qaldım. Çünki Culfa poçt-teleqraf rəisi ilə olan lazımi işlərimi bu vasitə ilə düzəltmək mümkün idi. Mən Bəsirilmülkə belə bir sual verdim: – Sizin Tehranla olan müxabirənizin lentləri ümumi lentlərə daxil deyildirmi? – Xeyr, onları tələf edirik, ancaq dəftərə düşən teleqramların lentləri tələb olunur. Bir də Təbrizdən başqa, rusların başqa teleqrafxanalarda nüfuzu yoxdur. Ona görə də biz Qəzvini çağırır, yolu açdıqdan sonra Tehran ilə danışa bilirik, rusların bunu təftiş etmək üçün də imkanları yoxdur. Bu barədə əmin ola bilərsiniz, – deyə bir daha əlimi sıxıb getdi. * * * İyul ayının 18-ci günü idi, Təbrizdə indiyə qədər belə istini xəbər verən yox idi. Axşam evə çox tez gəldim. Hüseynəli yavaş-yavaş çubuğunun başını hovuzun daşına vuraraq boşaldıdı və gülləri suvarmağa hazırlaşırdı. Mən bu gün Nina ilə görüşməmişdim, onlardan xəbərim yox idi. Yığışıb Ninanın evinə gedərkən Məşədi Kazım ağa gəldi. – Teleqramın cavabı gəlmişdir, deyə sevinə-sevinə mənə müraciət etdi, Tehranın Məhəmmədəli məsələsindən xəbəri yox imiş. Məşədi Kazım ağa bunu deyib gülməyə başladı. – Nə üçün gülürsünüz? – deyə soruşdum, – yeni bir xəbər varmı? – Üç Amerika ticarət müəssisəsi ilə bir iş düzəltdim, hər nə qədər əllərində malları varsa, aldım, – dedi və rəngi təğyir tapıb: – Hərgah Məhəmmədəli məsələsi yalan olsa, o, İrana gəlməsə və amerikalılar ticarəti dayandırmasa, mən müflis olacağam, börkümü də satsam, görməz, – deyə əlavə etdi. – Bu məsələ doğru olduqda isə Təbrizdə bir nəfər də olsa, mənim qabağıma dura bilməz, – ən azı bir milyon tümən, – deyərək bir də güldü: – Gülməyinizə yenədəmi bir səbəb vardır? – deyə soruşdum. – Vardır. Mən malları birdən çıxarmaq istəmirdim, deyirdim, bəlkə, etibar etmədilər, onlar isə mənim peşman olacağımdan qorxub, «Götür buradan rədd elə», – deyərək məni tələsdirdilər. – Hamısını götürdünüzmü? – Götürdüm. Hamısını öz anbarlarımızda yerləşdirdim. Amerikalılar məni aldatdıqlarını zənn edərək, dalımca gülürdülər. Biz bu söhbətdə ikən Nina içəri girdi. O, sözlü adama bənzəyirdi. Nina əvvəlcə Məşədi Kazım ağanın əlini sıxdı, sonra isə «sözüm var», deyə mənə müraciət etdi. – Bu gün Məhəmmədəli Rusiyanın «Xristofor» adlı paroxodu ilə Kaspi sahilindəki Gümüştəpə mövqeyinə çıxmışdır. Ninadan bu məlumatı aldıqdan sonra biz məsələni yenə də Tehrana xəbər verməyi lazım bildik. Məşədi Kazım ağa da ticarətində yanılmadığını duyduğundan sevindi. O, poçt-teleqraf rəisi Bəsirilmülkü görmək üçün getdikdə: – Nina xanım da şam yeməyinə qalsın, bu saat qayıdıram, – deyə tapşırdı. Nina ilə mən isə hovuzun ətrafındakı masa üzərinə qoyulmuş tutlardan yeməyə başladıq. Hüseynəli də masadan uzaqda öz kürsüsü üstündə oturub dincəlməyə başladı, çubuğunun yanından sallanan dəmir bizin ucu ilə çubuğun başını deşmişdi, püflədi, köklədi, göy qədək kisəsinin içinə salıb o tərəf-bu tərəfə buladıqdan sonra çıxardı. Barmağının yanı ilə çubuğun başındakı artıq tütünü kisəyə tökəndən sonra barmağı ilə tütünü basıb çubuğun başında bərkitdi. Mən onun çubuğuna kibrit çəkmək istədimsə də, razı olmadı: – Kibritin alovu çubuğun ləzzətini aparır, – deyə əlini börkünün təpəsinə aparıb bir az qov çıxardı, çaxmaqdaşı ilə yandırıb çubuğun başına qoydu, əvvəlcə dodaqlarının ucu ilə qovu bir balaca alışdırdı, sonra dərin nəfəslər vurmağa başladı və yenə də öz həyatından söhbət açdı. – Mən hələ qocalmazdım, Səfinin dərdi məni qocaltdı. – Səfi kimdir? – deyə Nina soruşdu. – Qızım, dünyada var-yox bircə dənə oğlum var idi. Adı Səfi idi. Cavanlıqda əlimizdən getdi. – Niyə öldü? – deyə yenə Nina soruşdu. – Öz əcəli ilə ölsə idi, deyərdik ki, xudavəndi-aləm belə istəmişdir. Burada bir Əmir Nizam var idi. Adı Hüseynəli xan idi. Onun adını hər kəs Gərrus çağırardı. Çox zalım adam idi. O, bir gün olmaz idi ki, haqq-nahaq Təbrizdə beş-altı baş kəsdirməsin. Günlərin birində yazıq Səfi Ərkin yanından keçdiyi yerdə bir haramzadanın qurbanı oldu. – Necə yəni qurbanı oldu? – soruşdu. – Hüseynəli xan Əmir Nizamın sərbazları drüşgəçi İmanı dustaqxanadan çıxarıb Mirqəzəblə birlikdə başını kəsməyə aparırmışlar. İmanın qardaşları sərbazlara və onların dəhbaşılarına rüşvət verib İmanı buraxdırırlar. İmanı Ərkin dibində qaçırdıb, yalandan dalınca yüyürürlər, yazıq oğlumu onun yerinə tutub başını kəsirlər. – Belə də iş olarmı? – deyə Nina dəhşətə gəldi. – Olar, qızım, bir çoxlarının əvəzinə küçə hamballarını tutub aparırdılar. Hələ mən o zaman vəliəhdin gülçüsü idim, pişxidmətinə də bu əhvalatı dedim, heç bir şey çıxmadı. Uşağın iyirmi iki yaşı var idi. Gözəl, mərifətli uşaq idi. Ölüsünü də bizə vermədilər. – Bəs nə oldu? – Nə olacaq. Drüşgəçi İmanın qardaşları iz itirmək üçün «bizim qardaşımızın ölüsüdür» deyib uşağımın meyitini özləri aparıb basdırdı. Mən isə kənarda yana-yana qaldım. Bu haramzada padşahların vaxtında dəfələrlə belə işlər görmüşəm. Onlardan bundan artıq şey baş verməzdi. Birisi ki, vəliəhdin oğlu ola-ola gecələri Qaradağ lotularına qoşulub karvan vurmağa, yol kəsməyə getsin, ondan nə çıxacaqdır? – Yolkəsən hansı idi? – Məhəmmədəli Mirzə. Atası vəliəhd ikən hər gecə quldurluğa gedərdi. Bunlardan bir il desəm, qurtarmaz. – Hüseynəli əmi, bildiklərindən də görək, Nina üçün də bunlar maraqlıdır, – deyib danışmasını rica etdim. Hüseynəli əmi çubuğunu təzələyərək: – Mənim vəliəhdin həyət qulluqçuları yanında çox hörmətim var idi, – dedi. – Arabir hərəmlər də həyətə gəlib gül istərdilər, dəstə tutub verərdim, mənə hərdənbir hədiyyə də verərdilər. Müzəffərəddin Mirzənin hərəmi Ümmülxaqan Tehrandan Təbrizə gəlin gələndə mən həmin şəmsülimarənin bağçasında gülçülük edirdim. Ümmülxaqanın atası İranda çox məşhurdu. Mirzə Tağı xan Əmir Kəbir desən, bunu hər kəs nişan verərdi. Amma qızı Ümmülxaqan xanım çox əxlaqsız idi. Gədə-güdəyə sataşardı. Bunun da üstündə mənim başım bir qalmaqal çəkdi. Gecələrin birisində bağçanı suvarıb yorulmuşdum. Qapını qıfıllayıb gəlib yatmışdım. Daha demə ki, bu haramzada arvad Müzəffərəddin Mirzənin qatırçı başçısı Behbud xan ilə bağçada imiş, mən qapını bağladığımdan bunlar yol tapıb çıxa bilmirlər. Mən yatmışdım, onda gördüm ki, birisi məni boğur, gözümü açdıqda başımın üstündə Behbud xanı gördüm. Məndən kilidi aldı və özümü boğmaq istədi, daldan bir zənən xeylağının səsi gəldi: «Behbud xan, öldürmə, Hüseynəli yaxşı oğlandır, ağzıbütün adamdır. Heç kəsə xəbər verməz». Behbud xan məni buraxdı, qapını açıb onları buraxdım. Heç kəsə də demədim. Demək də lazım deyildi. Hamı bilirdi ki, o, Behbud xan qatırçıbaşı ilə ər-arvad kimi yaşayır. Müzəffərəddin Mirzənin özü də söz demirdi. Çünki o da başqa cür əxlaqsızlığı sevirdi. Ümmülxaqan Məhəmmədəli Mirzəni doğandan sonra Behbud xanı görmürdüm, o tərəflərə dolanmırdı. Günün birində xacəbaşı Məhəmmədəlini qucağına alıb bağçanı gəzdirirdi. Hələ uşaq iki yaşında idi. Elə bil ki, qatırçıbaşı Behbud xan fınxırıb bu uşağı burnundan salmışdı. Nə başınızı ağrıdım, uşaq iki yaşına çatanda Müzəffərəddin Mirzə Ümmülxaqanı Təbrizdən çıxarıb qovdu, çünki daha lap həyasızlaşmışdı. Arvad aparıb uşağı Tehranda saxlamadı, Nəsrəddin şahın hərəmi Şükuhüssəltənə uşağı ondan alıb on iki yaşına kimi saxladı. Müxtəsər, sizə başağrısı olmasın, Məhəmmədəlini on iki yaşında ikən Təbrizə gətirdilər. O, on yeddi yaşında ikən atası ərkin qarovulunda duran xüsusi Əmriyyə focunun mirpəncliyini ona tapşırdı. Bu da onun cib xərci üçün idi. Dərs zad da oxumurdu. Mürəbbiləri də döyüb qovurdu. Bunun vaxtında Əmriyyə focunda bir nəfər də qalmırdı. Hər sərbazdan üç qran, iki qran alıb buraxırdı. Bu focun başındakıların hamısı yolkəsənlər idi, rahat və maneəsiz quldurluq etmək üçün gəlib Əmriyyə focuna yazılmışdılar. Bir çoxu ildə bir dəfə vəzifələrinə gəlib, yenə də quldurluqlarına gedirdi. Məhəmmədəli isə bunlardan hər ildə müəyyən rüşvət alırdı. Məhəmmədəli atasının təyin etdiyi dinc və düzgün qulluqçuları qovub, yerinə yolkəsənləri təyin etməyi adət etmişdi. Məhəmmədəli bu adamların vasitəsilə Azərbaycanda bir çox torpaqlar əldə etmişdi. Özüm gözüm ilə gecələr öz yanındakı quldurlar ilə atlanıb öz rəiyyətinin yolunu vurmağa getdiyini görmüşdüm. Özü iştirak etmədiyi bütün soygunlardan da Şahzadənin haqqı yetişirdi. Gecələr kəndlilərin atını, eşşəyini, yükünü alırdılar. Arvadı Mülkicahan ərindən də həyasız idi. Bütün günü falçılar, cadugərlər ilə keçərdi. Müzəffərəddin şah Tehranda naxoş olduğu vaxt Xorasandan məşhur bir falçını çapar vasitəsilə Təbrizə çağırmışdılar. Falçı Müzəffərəddin şahın tez ölməsi və Məhəmmədəlinin padşahlığa tez yetişməsi üçün cadu edirdi. Təsadüfən Müzəffərəddinin ölməsi və Məhəmmədəlinin Tehrana çağırılması Məhəmmədəlinin sarayındakıları cadugərlərə inanmağa məcbur etdi. O bütün yolvuranları və öz cadugərlərini yığıb özü ilə bərabər Tehrana apardı. Onun bütün həyatı həyasızlıq içində keçdi. Özü də çox rəhmsiz idi. Olduqca da xəsis və gözüdar adam idi. Ancaq oğrulara və cadugərlərə etibarı vardı. Ondan gördüyümü və onun haqqında eşitdiklərimi böyük bir kitaba yazsan, yenə də qurtarmaz. Hüseynəli əmi alnının tərini sildi, çubuğunu odlamağa başladı. Təhminə xanımı çağırmaq üçün getmiş Səriyyə xala da qayıdıb gəldi. Məcid gələn kimi yenə də hovuzun başına yüyürdü, Hüseynəli əminin ətəyindən tutaraq: – Balıq ver! – dedi. Hüseynəli əmi: – Bilmirəm, bunun əlindən hara çıxıb qaçım, – dedi. Nina Məcidi səslədi və dedi: – Bir də balıq istəsən, çıxıb gedəcəyəm. Məcid yerində oturdu. Hüseynəli əmi isə danışdı: – Məhəmmədəli Tehranda padşah ikən yenə də caduya inanırdı. O, Tehrandan Qəzvin və Təbrizə qoşun göndərdiyi və məşrutəni məhv etmək istədiyi zaman ordu başçılarına üstünə dua oxunmuş ölü torpağı verib, məşrutə ordusunun üzərinə səpməyi tövsiyə etmişdi. Tehranda Baği-şahda olduğu vaxt, Xorasandan çağırdığı cadugər Səttar xanın və Bağır xanın şəklini mumdan qayırıb dua oxuduqdan sonra başlarını kəsirdi, Səttar xanla Bağır xanın Təbrizdə öldürüldüklərini yalan məktublarla Məhəmmədəliyə inandırmaq istəyirdi. Buna görə də Səttar xanın və Bağır xanın ölüm xəbərləri Tehranda tez-tez intişar tapırdı. Bir azdan sonra Məşədi Kazım ağa da gəldi. Məlumatın bu gecə saat birdə Tehrana veriləcəyini söylədi. Gecə saat on ikiyə qədər söhbət etdik. Söhbətlərin çoxunu Hüseynəli əmi edirdi. O, Təbrizin 75 illik tarixini döşündə toplamışdı. * * * Miss Hannanın konsulxanada xəstələnib evə qayıtdığını bildirdim, bunu öz məktubunda da mənə bildirmişdi, onu yoxlamağa getməli idim. Əlimi onun alnına qoyduqda şiddətli hərarət içində olduğunu hiss etdim. Qızdırmanın şiddətindən tez-tez dilini çıxarıb qurumuş dodaqlarını yalayırdı. Həkim yenicə getmiş imiş, qulluqçu qadın isə dərman gətirmək üçün gedib hələ qayıtmamışdı. Qız əlimi əlinə alaraq zəifcə sıxdı və dedi: – Bu gün konsulun hərarəti mənim hərarətimdən daha artıq idi, o çıldırmışdı, baş katibin işdən çıxarılması ehtimalı vardır. – Nə üçün? – Konsul üç gün bundan əvvəl Amerika ticarət müəssisələri nümayəndələrini çağırmağı, səfirin Vaşinqtondan aldığı əmri onlara bildirməsini, İranda şuluqluq olduğu üçün ticarətin dayandırılmasını və iranlılara kredit buraxılmamasını onlara xəbər verməyi katibə tapşırmışdı. Katib bu çağırışı təxirə saldığından bir nəfər İran taciri Amerika ticarət müəssisələrindən külli miqdarda kreditlə mal alaraq müəssisələrə milyon yarım zərər vurmuşdur. Odur ki, konsul təbii halından çıxmışdı. O, səfirə xəbər verəcəyini söylədi. Doğrudan da, böyük bir xəyanətdir. Müəssisələr bir milyon yarım itirmişlər, bu qədər para amerikalıların cibindən çıxır. Bu məsələ miss Hannanın özünə də yaxşı təsir bağışlamamışdı. O, milyon yarım Amerika pulunun İranda qalacağından razı deyildi. Qız bunu tez-tez təkrar edirdi. – Bizimkilər çox uduzmuşlar, – deyə miss Hanna başqa bir məsələyə keçdi. – İran hökuməti Rusiya-İngiltərə dövlətlərinə nota vermişdir, Məhəmmədəlinin İrana gətirilməsinə yardım göstərən hər iki hökumətə öz etirazını bildirmişdir. Amerika siyasi dairələri bu notanın İran tərəfindən böyük bir cəsarət olduğunu təsdiq edirlər. Notanın farscasını yazıb gətirmişəm. Balışın altındadır, götürə bilərsiniz. Qızın balışı altındakı notada belə yazılmışdı: «...1909-cu il sentyabr müqaviləsinin 2-ci maddəsinə görə, şah hökuməti keçmiş şahın və onun agentlərinin ölkədə təşviqat aparmalarına mane olmaq üçün Əlahəzrət İngiltərə kralı və Əlahəzrət Rusiya imperator hökuməti tərəfindən lazımi tədbirlər görüləcəyini gözləməyə hazırdır. Ölkələrimiz arasında olan dostluq və qonşuluq münasibətini nəzərə alaraq, şah hökuməti Əlahəzrət İngiltərə kralı və Əlahəzrət Rusiya imperatoru tərəfindən belə bir şərait altında özünə qarşı göstərilən laqeydlik və soyuqluğun nədən irəli gəldiyini kəsdirə bilmir. Şah hökuməti uzun müddət içərisində keçmiş şah və onun agentləri tərəfindən aparılan təbliğata nəhayət vermək üçün İngiltərə-Rusiya hökumətlərinin lazımi tədbirlər görə bilmədiyinə inana bilmir. Şah hökuməti 1909-cu il 7 sentyabr tarixli bəratəlqolunun 2-ci maddəsi üzrə Əlahəzrət kral və imperator hökumətindən gözlədiyi yardımı almadığına təəssüf edir. Şah hökuməti keçmiş şahın Rusiyanın «Xristofor» gəmisində gəlib İran sahilinə çıxmasından toxuna biləcək zərərlər üçün məsuliyyəti öz öhdəsindən atır». Notanı oxuduqdan sonra: – Rusiya və İngiltərənin bu notaya nə cür cavab vermələri məlum deyildir ki? – deyə miss Hannadan soruşdum. – Xeyr, məlum deyildir, – deyə miss Hanna qızdırmanın şiddətindən inildəyərək cavab verdi. Amerikalı qadın dərmanları gətirdi. İbtidai və lazımi müalicə işləri bitdikdən sonra mən vidalaşıb getmək istədim, o mənim əlimi buraxmayaraq: – Getmək olmaz, xəstəyəm. Burada oturmalısınız, heç bir bəhanə də ola bilməz! – Sizi narahat etmək istəmirəm. – Biləks, mən çox rahat olaram. – Elə isə axşam yenə də gələrəm, – dedikdə: – Bir saatdan sonra gözləyəcəyəm, – deyə miss Hanna əlimi buraxdı. Mən şaşırmışdım, kimlərlə danışacağımı qərara ala bilmirdim. «Əcəba, ruslar bu notaya cavab verəcəkdirmi?» – deyə yolumu dəyişdirib Ninanın evinə tərəf getdim. Ninanı evdə tapmadım. Təhminə xanım onun hara isə dərnək məşğuliyyətinə getdiyini xəbər verdi. Hər halda, o, nahar yeməyə gələcək idi. Nina gəlincəyə qədər Təhminə xanım ilə söhbət etdik, Məcidin dərsinə baxdım, nəhayət, Nina gəlib çıxdı. – Səhərdən bir şey yeməmişəm, nahar edək, söhbətimizi sonraya qoyaq, sənin üçün İran hökumətinin notasını oxuyacağam, – deyə Nina tələsik nahar hazırlamağa başladı. Yeməkdən sonra İran hökumətinin notasını oxudu, bu notanı oxuduğumu ona bildirmədim, çünki o bunu harada oxuduğumu soruşa bilərdi. – İran notasına Rusiya tərəfindən cavab verilmişdirmi? – deyə Ninadan soruşdum. – Cavab verilmişdir, – deyə Nina Rusiya notasının müxtəsər məzmununu oxudu: «Rusiya hökuməti, İranın daxili iğtişaşları nəticəsində Rusiya hökumətinə və xüsusi mənfəətlərə toxuna biləcək zərərlər üçün yenə də əvvəldə olduğu kimi, İran hökumətini məsul biləcəkdir. Bundan başqa da Rusiya hökuməti – keçmiş şahı bir ixtilalçı kimi deyil, müharibə aparan bir tərəf kimi tanımağı qərara almışdır». Nina notanın qısa məzmununu oxuduqdan sonra İngiltərə hökumətinin də bu məzmunda cavab verdiyini əlavə etdi. * * * Miss Hanna Şərq haqqında Miss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim. Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi. Mən onun qəbul otağına girərkən o, tualet otağında idi. Beş dəqiqədən sonra çıxdı, gəlib əlimi sıxdı və: – Danışdıqlarım yadımdadır, – dedi, – qızdırmanın nəticəsində deyil, şüurlu olaraq danışırdım. Hər şey yadımdadır. Sizin bir saat əvəzinə iki saat yarım yubandığınızı da bilirəm. – Doğrudur, – dedim, – lakin tez gəlsəydim də, burada oturub gözləyəcəkdim, bununla da sənin qonaq haqqındakı qeydsizliyin meydana çıxacaq və səni məhcub buraxacaq idi. Qız tərs-tərs üzümə baxıb: – Yenə də qonaq kimi, hətta bir diplomat qonaq kimi danışırsız, – dedi. – İndi özünüzü necə hiss edirsiz? – deyə söhbəti dəyişmək üçün soruşdum. Hərarətim sönmüşdür, yüngül nəfəs alıram, buna baxmayaraq, həyatım həbsxana həyatıdır. Bir mənəm, bir də xidmətçi qadın. Bir nəfər də olsun, tanışım yoxdur, – deyə şikayətləndi. Mən daha səmimi görünmək üçün ona «sən» deyə müraciət etdim: – Səni öz yaşında, öz boyunda bir qızla tanış edəcəyəm, hazırlan, sabah axşam yeməyinə onlara gedəcəyik. Sən Şərqdə görmədiyin bir ailə ilə tanış olacaqsan. Təbrizdə yaşayırsan, lakin xam kərpicdən tikilmiş damların içərisini bilmirsən. Zatən xaricdən Təbrizə gələnlərin hamısı belədir, onlar Şərqi zahiri görünüşləri ilə mühakimə edirlər. Əfv edərsiniz, amerikalıların özü də Şərqi kitablardan oxuyur. – Bunun səbəbi nədir? – deyə miss Hanna soruşdu. – Çünki amerikalı və avropalılar Şərqə ancaq pul qazanmaq, müstəmləkə zəminələri hazırlamaq, torpaq, bazar əldə etmək üçün gəlirlər. Cahangirlər Şərqi müstəmləkə qayırmaq üçün onu vəhşi, mədəniyyət düşməni, ixtilalçı, tərbiyəsiz göstərməlidir; bu da onlara «mədəni avropalıları» və Şərqdə yaşayan «mədəni millətləri» müdafiə bəhanəsi ilə Şərqin işğal olunması imkanını verir. Hazırkı Təbrizin vəziyyəti də bunu sübut edir. Təbrizdə hansı avropalını öldürdülər? – Heç kəsi! – deyə qız cavab verdi. – Hansı rus təbəəsi və rus tacirini öldürdülər? – Mən eşitmədim! – Bəs ruslar Təbrizə nə bəhanə və nə haqq ilə girmişlər? Onlar aylardan bəri hökumət qoşunu ilə müharibə edib, öz inqilabı uğrunda ölməyə hazır olanların vətənini nə üçün işğal etmişlər? – deyə davam etdim. Çünki ruslara, ingilislərə Şərqdəki inqilab hərəkatı əl vermir. İnqilab başlıca olaraq bu iki hökumətin mənafeyinə zərbə vurur. Bunun üçün də ingilislər və ruslar «Təbrizdəki xaricilərin malı, canı təhlükə altındadır, – deyə «canavarlar vətəni» olan Təbrizi «xilas etmək üçün gəlmiş» və bütün Azərbaycanı çar xəfiyyələri ilə doldurmuşlar. Sən, Hanna, Şərqi kitablarda, kapitalist və cahangir dövlətlərə satılan «ədiblərin» əsərində oxumuşsan. Bu gün Şərqi yaxından görüb tanış olursan, Təbriz xalqının əxlaqı ilə hüdud xaricində gördüyün çar zabitlərinin əxlaqını müqayisə edib, Şərq xalqını vəhşi və mədəniyyətsiz hesab edənləri tənqid etməyə haqqımız vardırmı? – Əlbəttə, vardır! – deyə qız cavab verdi. – Şərq haqqında yazanlar cahangir dövlətlərdən aldıqları maaşın tələbi ilə yazırlar. Dünya kapitalizminin mənafeyi bunu tələb edir. Onu yeni bazarlar, torpaqlar, imtiyazlarla təmin etmək bütün kapitalist yazıçılarının iş planlarına daxildir. Miss Hanna «doğrudur» – deyə sözlərimi təsdiq etsə də, gözlərinin laübalı bir tərzdə yol çəkməsindən tamamilə fikrimə zidd olduğunu hiss edirdim. Nəhayət, o: – Madam ki, kapitalizmin inkişafı bunu tələb edir və haman yazıçılar, diplomatlar da bu tələbi ödəməyə çalışırlar, o zaman biz onları nə haqla tənqid edə bilərik? – Qız bunu dedikdən sonra mənə cavab verməyə imkan buraxmadan sözünə davam etdi, üzündə mənə qarşı bir töhmət hiss edilməkdə idi: – Heç şübhə yoxdur ki, rus sosial-demokratlarının təsiri altına düşmüşsən. Kapitalizmin inkişafı elə bir zərurətdir ki, ona yardım edənlər həmişə tərəqqipərvər iş görmüş olurlar. Marks proletar hakimiyyəti fikrini meydana atdığı zaman kapitalizm quruluşunun vəziyyəti, hətta dünyanın xəritəsi belə bugünkü şəklində deyildi. Buna görə də Marksın fikirlərini kapitalizmin indiki dövrünə tətbiq etmək doğru deyildir. Miss Hannanın siyasi siması artıq aydınlaşmışdı. Onun haqqındakı düşüncələrim doğrulmağa başladı, onun İngiltərə və Rusiya ilə aparılan mübarizədə bizə verdiyi yardımın mənası da anlaşıldı. – Gözəl Hanna! – deyə sözünü kəsdim və nəvazişlə cavab verməyə çalışaraq: – Marks haqqında yürütdüyün mülahizəyə baxmayaraq, məsələnin əsl mahiyyətini anlamamışsan, – dedim. Bu sözlərimdən qız diksinərək doğruldu, o məndən ilk dəfə idi ki, belə bir söz eşidirdi. O, sevdiyi, bəlkə də, bir gənc tacir olduğu üçün sevdiyi adamdan belə sərt bir cavab eşitdiyinə heyrət edərək üzümə baxdı. – Doğrudur, Marksdan sonra dünyanın xəritəsi, kapitalizm dünyasının vəziyyəti dəyişmişdir. Lakin sən burada böyük bir həqiqətə qarşı göz yumursan. Bugünkü kapitalizm Marks dövrünün kapitalizmi deyilsə, kapitalizmin düşməni olan və bu sinifli, istismarçı cəmiyyətin əsasını, onun dövlət aparatını darmadağın edərək istismar bilməyən sinifsiz sosializm cəmiyyəti qurmaq uğrundakı mübarizədə üzərinə böyük tarixi vəzifələr düşən proletariat da Marks dövrünün proletariatı deyildir. O daha çox mütəşəkkil olmuş, qüvvətlənmiş, onun cərgəsindən inqilabi hərəkatı idarə edəcək böyük rəhbərlər yetişmişdir. Kapitalistlər yeni istismar üsulları düşündükcə proletariat da yeni mübarizə yolları düşünür və bu yollarla qalibiyyət əldə edəcəyinə inanır. Proletariat təpədən-dırnağına qədər silahlanmış kapitalistlərlə mübarizə aparmaq üçün kəskin bir silaha istinad edir. Qız dik üzümə baxmaqda davam edərək tələsik: – O hansı silahdır? – deyə soruşdu. – O silah Marksın proletar inqilabı nəzəriyyəsidir. Qızın üzümə dikilmiş gözləri bir az da geniş açıldı: – Bir tacir olduğunu bilməsəydim, sosial-demokrat işçi ilə oturduğumu zənn edərdim, – dedi. – Belə bir zənnin doğru çıxması səmimi sevgiyə mane ola bilərmi? – Sevgi müəyyən bir vaxta qədər davam edə bilər. – Məsələn, nə vaxta qədər? – Bir sevgi, iki əqidə daşıyan iki gənc biri digərini təslimə məcbur etməkdən aciz olarsa, vəziyyət əvvəlki şəklində qalarsa, o vaxt sevgi davam edə bilməz. Çünki sevgi özü də bir əqidədir, lakin sən öz sözünü bitirmədin. Onun əlini tutaraq davam etdim: – Deyirsən ki, dünya xəritəsi Marksın dövrünə nisbətən dəyişmişdir. Bu belədir. Lakin dünya xəritəsinin dəyişməsi, bir kapitalistin, yaxud bir cahangirin yerini digər bir cahangirin işğal etməsi kapitalizm cəmiyyətinə aid olan xüsusiyyətləri aradan qaldırmır. Əksinə olaraq, dünya xəritəsinin Marksdan sonra aldığı bugünkü vəziyyəti, imperializm dövrünün bütün xüsusiyyətləri, kapitalizm ziddiyyətlərinin daha dərin mənasında kəskinləşdiyini inkaredilməz faktlarla sübut edir. Bütün bu faktlar isə böyük Marksın kapitalizm cəmiyyəti haqqında dediklərini tam mənası ilə təsdiq edir. Burada açıqcasına etiraf etmək lazımdır ki, dünya proletariatının, müstəmləkə xalqları və bütün zəhmətkeşlərin, kapitalizmin ağır pəncəsindən, onun günü-gündən artan hərtərəfli istismarından qurtarmaları üçün yeganə bir yol vardır. – O hansı yoldur? – qız tələsik soruşdu. – Marks göstərən yoldur ki, bu da proletar inqilabı yoludur. Bu yol ilə kapitalistlərin hökmranlığını yıxıb proletar diktaturası yaratmadan, insanın insan tərəfindən hər hansı bir şəkildə olan istismarına nəhayət vermək mümkün olmayacaqdır. Miss Hanna daha sual vermirdi, onun baxışları bu məsələni bitirməyi tələb edirdi. – Söhbətimiz uzun çəkdi, özümüz hiss etmədən gəlib haralara düşdük. – Səni fövqəladə yorduğum üçün üzr istəyirəm, mənə qalırsa, sevdiyin bir adamla məfkurə və əqidə məsələsini aralığa atmaq da doğru deyildir. Dünyanı bizim ikimiz düzəldə bilmərik, – deyərək miss yenə də sevgi nəğmələrini oxumağa, gündəlik sözləri təkrara başladı. Mən iclas çağırdığım üçün miss Hanna ilə vidalaşıb çıxdım. * * * Bir nömrəli şəbnamə Bugünkü iclasda Rus-İran məktəbinin müəllimi, gənc inqilabçı Əkbər Əkbərov da iştirak edirdi. Gündəlik müzakirədə bircə məsələ dururdu. O da bizim gələcək fəaliyyətimizi müəyyənləşdirməkdən ibarət idi. İclası Hacı Əli ağa idarə edirdi. Yoldaşlardan bir çoxu sədrin irəliyə atdığı «nə yolda hərəkət etməliyik?» sualına qarşı uzun-uzadı danışdılar, hamıdan sonra mən söz aldım: – Biz Məhəmmədəlinin İrana kimlər tərəfindən və nə məqsədlə gətirilməsi haqqında geniş kütlə arasında izahat işləri aparmalıyıq. Biz camaata inqilabın tamamilə məğlub olmadığını, məşrutə hökumətinin möhkəm olduğunu, məşrutə ordusunun düşmənə fayiq gələcəyini, ingilis və rus intriqası ilə ciddi mübarizə aparılması lüzumunu anlatmalı, Təbrizdəki Məhəmmədəli tərəfdarlarına meydan verməməliyik. – Hansı vasitə, hansı qüvvə ilə? – deyə Mirzə Əhməd soruşdu. – Müxbirüssəltənənin qüvvəsi iləmi? Biz görürük ki, yerli hökumətdə heç bir qüvvə yoxdur. Müxbirüssəltənə öz başını saxlamağa qadir deyildir. Bugün-sabah onu ruslar Təbrizdən qaçmağa məcbur edəcəkdir. – Biz öz qüvvəmizlə çalışacayıq, – deyə mən onları inandırmağa çalışdım. – Biz gizlin mətbuat vasitələrindən istifadə etməliyik. Bizim səkkizinci, doqquzuncu illərdə düzəltdiyimiz hektoqrafiyalar, mətbəə alətləri hələ işdən düşməmişdir, şəbnamələri yenə də işə salmalıyıq. Təbriz camaatı gizlin mətbuatı, xüsusən şəbnaməçiliyi sevir. Məşədi Kazım ağa da nə qədər para lazımsa, verəcəyini vəd etdi. Bir çox müzakirədən sonra sabahdan şəbnamələrin nəşrinə şüru edilməsinə qərar verildi. Birinci şəbnamənin mündərəcəsini düzəltmək və çap etmək işi mənə və Rus-İran məktəbi müəllimi Əkbər Əkbərov yoldaşa tapşırıldı. Bundan sonra isə şəbnamələri nə yollarla yapışdırmaq məsələsini müzakirə etdik. Bu barədə qərar çıxarıldı: şəbnamələrin yayılmasında Rus-İran məktəbinin tələbələri, dərnəklərdə iştirak edən 28 nəfər gənc, Tütünçüoğlu ilə Həsənağanın verəcəyi 15 nəfər tanınmış mücahid, daha sonra nəzmiyyədə çalışan yüz nəfər inqilabçı gənc iştirak edəcəkdi. Mən bir məsələ daha irəli sürüb: – Yoldaşlar, – dedim, – mühüm bir məsələ var ki, biz onu tamamilə unutmuşuq. Şəbnamələr divara yapışdırıldığı təqdirdə bizim bir çox zəhmətlərdən sonra düzəltdiyimiz Nəzmiyyə təşkilatının vəzifəsi ağırlaşacaqdır. Ruslar iki ayağını bir başmağa taxaraq şəbnaməçilərin tapılmasını tələb edəcək. Müxbirüssəltənə isə bizim Nəzmiyyə rəisini, Əmir Heşmət yoldaşı çağırıb təzyiq edəcək və şəbnaməçiləri istəyəcəkdir. Bu barədə sizin fikriniz nədir? Yenə də sükut iclası bürüdü, sanki Əmir Heşmətin özü də yatmışdı, yuxudan ayıldı. Mənim bu təklifimdən sonra bəziləri şəbnamənin buraxılmamasını məsləhət gördülər, bəziləri də heç bir fikir söyləmədən sükuta dalmışdı. Bir çox müzakirədən sonra şəbnaməni hazırlamaq, onun intişarı haqqında bir daha düşünmək qərara alındı. Gecə saat birdə iclasdan sonra Əkbərov yoldaş ilə bərabər Rus-İran məktəbinə getdik. Orada olan balaca mətbəə vasitəsilə şəbnamə buraxmağı məsləhət gördük. Şəbnamələr hazır idi. Onları divarlara yapışdıracaq adamlar da müəyyən yerlərə toplaşmışdı. Yapışdırılan yerlərin siyahısını nəzərdən keçirdim, doğrudan da, intixab edilən yerlər, xalq çox olan gediş-gəliş yerləri idi. Siyahını Əmir Heşmət düzəltmişdi. Acı körpüsündə ruslar tərəfindən düzəlmiş Culfa-Təbriz şosesinin qapısı Poçtxana Rus konsulxanası İngilis konsulxanası Avstriya konsulxanası Dəvəçi qapısı Nöbər məhəlləsi Qum bağı tərəfləri Qarı körpüsü Şahzadə bağının ətrafı, rus ordusunun yerləşdiyi yerlər Şəşgilan Bağ-meşə keçən bəndlərin və döngələrin ağzı Saman meydanının yanları Sahib-divan bağı Şəmsülüləmanın qapısı Gəcil ağzı Acıdil qapısı tərəfləri Alaqapı, cəbbəxana ətrafları Sürxab Kələntər qapısı Əmirxiz Bank bağı Tacirbaşı məscidi Qara Məlik küçələri Seyid İbrahim məqbərəsi Seyid Həmzə bəstinin yanları Talibiyyə mədrəsəsi ağzı Misgər bazarı Rasta bazar Hacı Səfərəli mədrəsəsi qapısı Mirzə Həsən ağa müctəhidin qapısı Ağa Mirzə Kərim küçəsi Hacı Mirzə Sadıq küçəsi Şıx Əbdürəhim Kuleybərli Hacı Mirzə Əbdülhəsən Surxablı Quruçay tərəfləri Hacı Mirzə Cavad küçəsi Qara ağac Hökmüvar tərəfləri Ağa Bağır məscidi Məscidiyyə xiyabını Rasta küçə Ərk yanları Leylabad Əmir Teymur Bunlardan əlavə, meydanlarda və məscidlərin yanında da şəbnamələrdən yapışdırılması qərara alındı. Konsulların qapısına yapışdırılacaq şəbnamələr Həsənağa və Tütünçüoğluna tapşırılmışdı. İntibahnamələr 1911-ci il iyul ayının 28-də şəhərin divarlarında olmalı idi. * * * Gündüz saat on ikidə evdə oturub qadın azadlığı cəmiyyəti üçün proqram tərtib etmək istəyirdim. Bu barədə Nina ilə məsləhətləşmək üçün onun yanına getməli idim. Məşədi Kazım ağa mənə imkan vermədi. O, yanıma gəldi. Daima fövqəladə bir xəbər eşitdiyi zaman o mənim yanıma gələrdi. Bu dəfə sevincək dedi: – Afərin bizimkilərə, şəbnamələr müvəffəqiyyətlə yapışdırılmışdır. Bir nəfər də tutulmamışdır. Sevindiyimdən şəhərin yarısını dolaşmışam. Bütün şəhər camaatı divarların dibinə yığılıb şəbnaməni oxuyur, konsulların qapısına rus əsgərləri qoyulmuşdur. Xalqın üsyanından qorxurlar. Xalq hər yerdə: «Rədd olsun çar ordusu, rədd olsun çar müstəmləkəçiliyi» – deyə qışqırır. İngilislər haqqında da etiraz səsləri eşidilməkdədir. Qacarların xəyanəti haqqında da danışanlar çoxdur. – Başqa bir yenilik yoxdurmu? – deyə soruşduqda, o: – Bir şey eşitmədim, ancaq bunu bilirəm ki, hökumətin əmrinə görə, bütün Təbriz nəzmiyyəsi ayaq üstündədir. İşin açılmasından qorxuram, – deyə fikrə getdi. – Qorxmağa lüzum yoxdur. İş açılsa da, bizim qələbəmizlə qurtaracaqdır, – dedikdə o, təəccüblə mənim üzümə baxdı. Çayı tez içib dışarı çıxdıq. Yolumuz Göy məscid qabağından idi. Orada divara vurulmuş şəbnaməni bir daha gözdən keçirdim: «Təbriz camaatı! Siz bir tərəfdən daxili əks-inqilab, o biri tərəfdən də çar və ingilislərlə olan mübarizədə qalib çıxdınız. O qalibiyyəti sizdən almaq üçün ingilis və çar hökumətləri İrandan qovulmuş Məhəmmədəlini təzədən İrana gətirirlər. Lakin bilməlisiniz ki, bununla inqilab məğlub olmayacaqdır. İstər ingilislər, istərsə çar hökumətinin özü Məhəmmədəlinin qalib gələbilməyəcəyinə, taxtı və tacı əldə edəməyəcəyinə əmindir. Onlar bununla məşrutə hökumətini qorxudub Məhəmmədəlinin onlara verdiyi imtiyazlara bir daha imtiyazlar əlavə etmək istəyirlər. Onlar bilirlər ki, sabiq şah bir neçə vəhşi Şahsevən, Türkmən, Cəfərbay, Talış, Mikayıllı, Hacıxocalı, Canxanlı, Poladlı və başqa başıpozuq qəbilələrin vasitəsilə qalib gəlmiş inqilabı əzə bilməyəcəkdir. İran hökuməti İngiltərə-Rusiyanın 20 avqust müqaviləsini pozduqlarını və sabiq şahı müdafiə etdiklərini göstərərək kəskin bir nota vermişdir. Yuxarıdakı hökumətlər isə Məhəmmədəlini bir ixtilalçı kimi deyil, bir müharibə edən tərəf kimi tanıdıqlarını İran hökumətinə xəbər vermişlər. Təbriz camaatı! Siz bilirsiniz ki, bir neçə ay bundan əvvəl Rusiya hökuməti bir dəfə də bu cür bir macərada bulunmuşdu. O, Rəhim xan Cəlbiyanlı vasitəsilə bir neçə şəhəri qarət etdirmişdi. Bilirsiniz ki, Yefrem və Sərdar Bahadır Rəhim xanı tamamilə əzib Rusiyaya qaçmağa məcbur etdilər. Bilirsiniz ki, Rəhim xan hadisəsindən sonra rus zabiti Darab Mirzə sabiq şahın adından məşrutəçilərə elan-hərb etdi, siz bilirsiniz ki, Çarkar kəndi yanındakı müharibədə məşrutəçilər Darab Mirzənin ordusunu əzdi. Hətta Darab Mirzəni məhv etmək imkanını əldə etdi. Təbriz camaatı! Siz bilirsiniz ki, ancaq rus kazakları Darab Mirzəni məşrutəçilərin əlindən aldı və əvəzində məşrutə ordusunun komandanı Əli xanı da öldürdü. İndi çar hökuməti Məhəmmədəlinin üzünü bəzəyib meydana salmışdır. Təbriz camaatı, bütün qüvvənizlə məşrutənin müdafiəsinə çalışmalısınız, bütün bu macəra İranı tamam bir müstəmləkə halına salmaq istəyən ingilis və Rusiyanın əli ilə düzəlir. Məşrutə ordusunun yardımına qoşun! Düşmən Tehran üzərinə hücum etməkdədir. Məşrutə ordusu düşməni Tehrana buraxmamaq üçün Tehrandan hərəkət edib irəliləməkdədir. Müstəmləkəçilərlə və onların əlində alət olan daxili əks-inqilab ilə mübarizəyə hazırlaşın! Təbriz yenə də öz keçmiş qəhrəmanlığını göstərməlidir. Şəbnamə heyəti – təhririyyəsi». Şəbnamə oxuyanların danışdıqları şəbnamənin nə kimi təsir bağışladığını göstərməkdə idi. – Şəbnaməçilik ən doğru yoldur. – Doğrudur. Açıq mətbuatda bu sözləri yazmaq olmaz. – Əlbəttə, yazmaq olmaz. Ağa, buna ingilis, buna urus deyərlər. Bizim bir parça kağızdan başqa nəyimiz vardır? – Gədə, səsini kəs! Hər iş kağızdan çıxır da! Bu kağızı divara sənin kimi bir adam yapışdırmayıbdır? Bunu yazan özgə iş də görə bilər. – Burada yenə ingilis-rus barmağı var. Ağa Həsən, nənəmin qəbri haqqı, bunun vasitəsilə bizi sınamaq istəyirlər. Bu cür kağızları görəndə göz yumub keçmək lazımdır. – Bəsdir gözümüzü yumduq. Bəlanın böyüyü də gözümüzü yummaqdan gəlməmişmi? Məşrutə hələ diridir, o öz düşməninə yenə də qalib gələ biləcəkdir. Təbriz üsyanını qaldıranlar da ölməmiş. O fikir də hələ diridir. Mən Zeynal yenə də deyirəm ki, bunu yazanlar ilə bərabər ölümə gedərəm. Bu kağız göstərir ki, bizimkilər işləməkdədir. – Afərin Zeynal! Mən də deyirəm, hərəkatın rəhbərləri bizi yenə də yadından çıxarmamışlar. – Sənin başından qovurma qoxusu gəlir. Hazırda Təbrizin İran şəhəri olduğuna kim inana bilər? Gədə, necə məşrutə? Ağa, necə rəhbər? Rəhmətliyin oğlu, başın imperator bayrağının altında dura-dura yenə də axmaq fikirlərdən əl çəkməmisən. – Bu sözlərin yeri deyil. Hələ kimlərin məğlub, kimlərin qalib gələcəyini bilmək olmaz. Məscidlərin qapısında daha böyük izdiham var idi. Təbrizin mollası, taciri, hambalı, dükançısı, ayaqqabı silənlərinə qədər işini buraxıb şəbnamələrin ətrafına toplaşmışdı. Birisi ucadan, hətta yüz nəfərin eşidəcəyi qədər ucadan oxuyur, başqaları da qulaq asırdı. Biz orada ayrıldıqda Əmir Heşmətin nəzmiyyələri küçələrə çıxıb şəbnamələri divarlardan qoparmaqda idi, ancaq onlar durub gözləyir, şəbnamə oxunub qurtardıqdan sonra qopanırdılar. Bununla da rus konsulunun məhəlli hökumətə nota göndərdiyi və təzyiq göstərdiyi məlum olurdu. Çar himayəsində olanlar, çarın səmimi rəiyyətləri və onların sırasından çıxan fəxri casuslara gəldikdə, onlar da zəhərlənmiş siçanlar kimi biri digəri ilə burunlaşır, o tərəfə-bu tərəfə qaçırdılar. Şəbnamənin bütün Təbriz xalqını ruslara və ingilislərə qarşı böyük bir nifrətlə ayağa qaldırdığı bizdə böyük bir ruh oyandırmışdı. Bizi maraqlandıran iki məsələ idi. Onlardan birisi konsulxanalardakı düşüncələr, o birisi də Əmir Heşmət nəzmiyyəsinin özünə bəraət qazandırıb, qazandırmaması idi. Çünki Müxbirüssəltənə rus və ingilis konsullarının təzyiqi nəticəsində nəzmiyyə rəisi olan Əmir Heşməti sıxışdıracaq və şəbnaməçilərin tapılmasına tələb edəcək idi. Biz bu fikirdə ikən Hacı Səfərəli mədrəsəsinin yanından keçirdik. Nəzmiyyə mədrəsəni dörd tərəfdən mühasirəyə almışdı. Yenə də cürbəcür sözlər eşidirdik: – Şəbnamələri burada düzəltmişlər. Nəzmiyyə içəridə axtarışa başlayıbdır. – Bura bir vaxt müstəbid tələbələrin yuvası idi. – İndi də elədir. – Buradakılar Mirzə Kərim imamcümənin gözlərinin işığıdır, sağ əlidir. – Burada bir hiylə vardır. Hərgah burada bir şey tapsalar da, bu, Mirzə Həsən müctəhidin, o namusəlman köpəkoğlunun işidir. Çünki onun Mirzə Kərim ağa ilə arası yoxdur. Bu vasitə ilə ağanı ləkələmək və imperatorun yanında bədbəxt etmək, nəzərdən salmaq istəyirlər. – Allaha təvəkkül, görək necə olacaqdır. Mən heç inana bilmirəm. Mirzə Kərim ağanın müridləri bu cür işi görməz. Biz danışılan söhbətlərə qulaq asdığımız zamanda düşünürdük. Əcəba, Əmir Heşmət Müxbirüssəltənənin və rus konsulunun fikirlərini şaşdırmaq, eyni zamanda rusların öz əlləri ilə onlara tərəfdar olan bir neçə mədrəsə köpəyini tələyə sala biləcəkmi? Bu halda on nəfər nəzmiyyə ilə Əmir Heşmət mədrəsədən çıxdı. Onların arasında dörd nəfər məşhur əks-inqilabçı tələbə də var idi. Nəzmiyyənin əlində ağ bezdən tikilmiş bir kisə gördük, hamı kisənin içində şəbnamə olduğunu zənn edirdi, kisənin üzərində belə bir yazı oxunurdu: «Bidaneyi əla, əmanəti ümdətülmüctəhidin və əhlülhəqiqin Hacı Mirzə Həsən ağa, damaiqbaləhü». Mədrəsə qarşısında toplananlar və bunların arasındakı Mirzə Kərim ağa tərəfdarları bir səslə: – Ağa, bu Mirzə Həsən laməzhəbin hiyləsidir. Bu, günahsız tələbəni bədbəxt etmək istəyir. – Ağa, bunu Mirzə Kərim ağanın düşmənləri düzəldibdir. Hər tərəfdən bu cür səslər eşidilirdi. Bu vaxt Əmir Heşmət camaata müraciətlə dedi: – Ağalar, həyəcana və bəzi nalayiq sözlərə ehtiyac yoxdur. Nəzmiyyə idarəsi məsələni lazımınca təhqiq edəcəkdir. Müqəssir olmayanlara cəza verilməz və şəbnamə olan kisə ilə bərabər tələbələri də nəzmiyyə idarəsinə apardı. Hələ tez idi. Nə Ninanı, nə də miss Hannanı görmək və konsulxanalardakı vəziyyəti öyrənmək mümkün olmayacaq idi. Tələbələrin tutulması, kisənin Mirzə Həsən ağaya mənsub olmasının da konsulxanada nə kimi fikirlər oyandırdığını bilmək maraqlı idi. Hər halda, mən bunu ancaq saat dörddə öyrənə biləcək idim. Çünki qızların hər ikisi işdə və vəzifə başında idi. Buna görə də biz birlikdə Məşədi Kazım ağanın ticarət odasına gəldik. Burada böyük bir izdihama təsadüf etdik. Məşədi Kazım qulağıma pıçıldayaraq dedi: – Bunlar Amerika ticarət müəssisələri ilə alış-veriş edən tacirlərdir. Malların hamısını aldığımı və amerikalıların ticarəti dayandırdıqlarını anlayıblar. İndi məndən bir şey qoparmağa gəliblər. Oturun, yaxşı diqqət edin, görün necə fırıldaqlar çevirəcəkdir. Tacirlər Məşədi Kazım ağanı aldadaraq, onun əlində olan mallardan bir qismini qoparmaq üçün biri digəri ilə götür-qoy edib dilləşdikdən sonra gəlmişdilər. Onlar mal söhbəti etmir və Məşədi Kazım ağadan da mal istəmirdilər. Bir azdan sonra onlardan birisi bir teleqram çıxarıb oturanlara göstərdi və dedi: – İndi bu saat Amerika konsulxanasında idim. Kredit və mal buraxılması üçün Vaşinqtondan teleqram alındığını söyləyirdilər. Özümə də teleqram gəlmişdir. Bunu deyərək yenə də qoynundan bir teleqram çıxarıb oxudu: «Təbrizdəki malları satıb rədd elə. Vaşinqtondan İrana bir böyük partiya mal göndərildi». Digər bir tacir də çox soyuqqanlılıqla: – İğtişaşdır. İndi hansı ağılsız anbarında mal saxlaya bilər. Kim deyir ki, Təbriz bazarı sabah talanmayacaqdır? – dedi. Daha bir başqası: – Amerikalılar da axmaq adam deyildir, – dedi, – elə bir şey olmasaydı, malları başlarından rədd etməzdilər. – Amerika mallarının əhəmiyyəti də yoxdur. Çünki ingilis və rus malları sel kimi axıb İrana gəlir. Tacirlər bu söhbətləri zəncir həlqəsi kimi biri digərinin quyruğuna düzürdülər. Məşədi Kazım ağaya gəldikdə, sanki o bu söhbətləri heç də eşitmirdi. O bütün İran tacirlərində olan bir xüsusiyyətlə: – Ağaya çay gətirin, cənaba qəlyan verin. Ağanın mərhəməti artıq, ağaya təşəkkürümüz vardır. Mərhəmətinizi əsirgəməyin. Ağa, biz sizin kiçiyinizik. Ağanın fərmayişi dürüstdür. Hər halda, bizim hücrəmizi müşərrəf buyurmuşsunuz. Ümidvarıq ki, yenə də təşrif buyuracaqsınız, – deyir və gözünün ucu ilə mənə baxırdı. Mən, doğrudan da, belə bir tacir məclisini birinci dəfə gördüyümdən olduqca maraqlanırdım. Nə isə Məşədi Kazım ağanın bir tacir olduğuna baxmayaraq, müvəffəqiyyət qazanması ilə maraqlanırdım. İran tacirləri içərisindəki demokratların hamısı bunun kimi əliaçıq və inqilaba sadiq deyildi. O, tacirləri çox nəzakət və iltifatla qarşılayır və bir kəlmə də olsun mal barəsində danışmayırdı. Bir şey qopara bilməyəcəklərini duyduqlarından tacirlər birər-birər dağılıb getməyə başladılar. Tacirlər çıxıb getdikdən sonra Məşədi Kazım ağa mənə müraciətlə: – Beladır yoldaş, – dedi, – məqsədimizin irəli getməsi üçün pul yardımı verən bir təşkilat yoxdur. Biz gərək pulu öz cibimizdən götürək. Pulu da bizim yerdə belə qazanmaq olur. Ticarət fırıldaqçılıqdır. Hər kəs bunda mahirsə, o, qalib gələ bilər. Madam ki, həyatın quruluşu beladır, mən də gərək o quruluşun hökmü ilə rəftar edəm. Mən də gərək yalan deyəm, and içəm, mən də gərək tacirlərin dilini işlədəm. Mən bilirəm ki, məsləyimiz buna yol vermir. Amma bir Kazım ilə iş keçməz. – Doğrudur, – dedim, – yerli ticarətin qanunu bunu tələb edir. Sizin müsbət tərəfiniz də odur ki, qazancınızın bir hissəsi xalqın azadlığı yolunda sərf olunur. Bu da sizin bütün nöqsanlarınızı örtür. Bu da sizi heç vaxt unutdurmayacaqdır. Mən Təbrizdə inqilabçılıq iddiasında olan bir çox tacirlərin mücahidlərə maaş parası toplandığı vaxt bir şey bəhanə edərək döyüşdüyünü, əncüməni atıb getdiyini də görmüşəm. – Mənim nəinki qazancım, hətta sərmayəm də inqilab yolunda sərf oluna bilər. Məni Hacı Əli ağadan bir daha soruşun. Mən sizin hər əmrinizə hazıram, – deyə Məşədi Kazım ağa məni əmin etməyə çalışdı. Biz evə yenicə gəlmişdik. Nahar süfrəsi açılmaq üzrə idi. Nina içəri girdi və: – Mən artıq buranı tanımışam, konsulxanadan çıxıb düz bura gəlmişəm, – deyə üzümə tərs-tərs baxdı. – Nə üçün evə nahara gəlmirsən? Hər gün sənin dalınca bura gəlməkmi lazımdır? Bu gün səninlə ciddi danışacağam. Aramızdakı anlaşılmazlıq ləğv edilməlidir. Belə olmaz. Doğrusu, evlərin ikisindən birini ləğv etməliyik, – dedi və sükuta daldı. Nina acıqlı idi. Onu sakit etmək üçün: – Bilirsən, gözəl Nina! Evlərin ikisi də sənindir, – dedim. – Konsulxana, işin şübhəsini qazanmamaq üçün bizim bu evi saxlamağımız lazımdır. İclasımız da burada olur, qonaqlar da bura gəlir, xüsusən yaxın günlərdə Ələkbər yoldaş da qayıdıb gələcəkdir. Biz bu evlərin birini deyil, ikisini də ləğv edəcəyik. Hələlik sənin konsulxanada gizli şöbə müdiri təyin olmağın bizə böyük yardım edir. Bu xidməti və hazırkı vəziyyəti davam etdirməyi bizim inqilabi fəaliyyətimiz tələb edir. Nə sən, nə də mən burada həmişəlik qalmayacayıq. Mənə qalırsa, sənin bu barədə rahatsız olmağına heç də lüzum yoxdur. Müstəmləkəçilərin ayağı altında əzilən Təbrizə yardım və onu müdafiə üçün bu kimi müvəqqəti sıxıntıları çəkməliyik. Səni qeyri-müəyyən bir vəziyyətdə qoyduğumdan özüm də utanıram. Mən də gəncəm, mən də gözəl həyat qurmağı sevirəm, mən də sevdiyim yoldaşım ilə bir gənc kimi məsud yaşamaq və gəzmək arzusundayam. Lakin harada, nə vasitə ilə, hansı şəraitdə? Lakin inanıram ki, biz buna imkan bulacağıq, buradan qələbələrlə gedəcəyik. Biz Təbrizi, Təbriz isə bizi yaxşı adla xatırlayacaqdır. – Məni bütün ağırlıqlarla mübarizəyə məcbur edən də budur, – deyə Nina şiddətlə ağladı. Bu halda Səriyyə xala içəri girdi. Ninanın bu vəziyyətdə görərkən, o da öz qəlbinin xüsusiyyətlərini gizləyə bilməyib ağlayaraq: – Nə üçün bu yazıq qızın qəlbinə toxundun? – dedi. Nina gözlərini silərək Səriyyə xalaya müraciətlə: – Get Təhminə xanıma söylə ki, mən nahara gəlməyəcəyəm, naharı burada yeyəcəyəm, – dedi və redikülündən altı qran gümüş pul çıxarıb Səriyyə xalaya bağışladı. Səriyyə xala getmək istədikdə mən: – Onların ikisini də götürüb bura gətirərsən, – deyə tapşırdım. Nina daha danışmırdı. O, daim mənə acıqlandıqdan sonra sakit olur və acıqlandığına utanırdı. – Danış görək, – deyə onu oxşayaraq soruşdum, – şəbnamələr konsulxanada nə kimi təsir bağışladı? – Danışmıram! – deyə əlimi rədd etdi. Mən onun əlini tutub buraxmadım, divanın üstündə oturmağa məcbur etdim, oturdu, bir neçə dəqiqə danışmadı, başını aşağı salmışdı. Bir azdan sonra gözünün ucu ilə mənə baxdığını və gülmək istədiyini hiss edincə, bir daha onu təskin edərək dedim: – Nina, bir gəncin gedəcəyi yolun böyük faizini getmişik. Bizim geri qayıdacaq yolumuz yoxdur. Səadətimiz gələcəkdədir. Biz o səadətin xatirəsinə müvəqqəti ağırlıqlara davam gətirməli və yabançı düşüncələrə meydan verməməliyik. Xüsusən sənin özün də acıqlanmaq, hətta bir qəlbi incitmək üçün yaranmamışsan. Hətta bunu bacarmırsan da, sənin gözlərin ağlayanda belə gülür, sənin acıqlanmağın belə insana bədii bir təsir bəxş edir, ruh yüksəkliyi verir. Nina ayağa qalxdı, nahar süfrəsini düzəltməyə başladı, rəngi tamamilə dəyişmişdi. Bir az sonra tamamilə açılaraq: – Konsulun öz dilindən eşitdiklərimi deyirəm, – dedi, – intibahnamələrin işi beş nəfər tələbənin işi deyildir. Mütəşəkkil bir cəmiyyət işidir, təşkilat yaradıcılığıdır. Bu iş bizim fikrimizi başqa bir tərəfə çevirmək üçündür. Mədrəsə təşkilatı olsa belə, müntəzəm bir təşkilatdır. Bu göstərir ki, Təbriz inqilabı hələ sönməmişdir, o, istədiyi vaxt öz qüvvəsini toplaya bilər. Bütün divarların bir gecə içində bəzənməsi Təbriz inqilabçılarının İngiltərə–Rusiyaya qarşı başlamaq istədiyi müsəlləh üsyandan daha mənalıdır. Bu hərəkat, gizli hərəkat tərbiyəsi almış yüzlərcə adamın hərəkatıdır. Bu qüvvət istədiyi zaman Təbrizi inqilab yuvasına döndərə bilər və müəyyən adamları terrorizə edə bilər. Kral və imperator hökumətləri buna qarşı laqeyd qalmamalıdırlar. – Sonra necə oldu? – İntibahnaməni Peterburq və Tehrana göndərdilər. Məhəlli hökumətə də nota verilmişdir. İntibahnamədə imperator və kral hökumətlərinin təhqir olunduqları qeyd edilməklə İran hökuməti məsul tutulur. – Tutulan tələbələr nə deyirlər? – Konsulxanaya gələn məlumata görə, mənzilindən intibahnamə çıxan tələbə onun Mirzə Həsən ağanın nökəri tərəfindən gətirildiyini söyləmişdir. Bunların hər ikisi rus himayəsindədir. Mirzə Həsən və Mirzə Kərim ağalardan bu barədə izahat istənilmişdir. – Təbriz nəzmiyyəsinin izahatı haqqında bir söz eşitdinmi? – Eşitdim. Nəzmiyyələrin dediyinə görə, gecə saat dörddə qoltuğunda ağ bağlama olan iki adamı təqib etdikdə onlar Hacı Səfərəli mədrəsəsinə girmişlər. Polisləri çağırdıqda həmən tutulan dörd nəfər tələbənin ikisini tanımışdır. Konsul Təbriz nəzmiyyəsindən heç də şübhələnmir. Bu barədə əmin ola bilərsiniz. Nina bu sözləri dedikdən sonra bir daha: – Ayıq olun, bütün çar casusları səfərbər edilmişdir, – deyə tapşırdı. – Qorxma, təşkilatımız sınanmış təşkilatdır, – deyə cavab verdim. * * * Hacı Əli ağanın ziyafətində Mən bir az yubanmışdım. Miss Hanna həyəcanlı bir surətdə evdə gəzişirdi. O məni görərkən indiyə qədər dilinə gətirmədiyi sözləri deməyə başladı: – Gecəyarısına qədər ticarət olmaz ki! Səni qul edən ikinci bir səbəb vardır, ona mən inanıram, hiss edirəm, sən daim məni görərkən fikrə dalırsan, sən qəlbi özündə olmayan bir gəncə bənzəyirsən. Sən məni səfərdə ikən bundan daha artıq sevir və hörmət bəsləyirdin, halbuki o vaxt mən öz qəlbimi, öz iradəmi əlimdən verməməyə çalışırdım. İndi isə o əlimdən çıxmışdır. Sən isə... – deyə bir qədər dayandı və qəti qərara gəlmiş kimi: – Əziz dostum! – dedi, mən dinc bir düşüncə ilə yaşamaq imkanını itirmişəm, indi bu imkanı gərək sən yaradasan. İki saatdan bəridir ki, səni gözləyirəm. İki saat! Bunun hər dəqiqəsində başımdan minlərcə fikirlər gəlib keçir. Bəzən özümə nifrət edirəm. Lakin məni təskin edən bir şey varsa, o da daim fikrimdə danışdığım bir cümlədir: «Hanna, səbir et, özü yıxılan ağlamaz!» Miss Hanna bu sözləri ayaq üstündə həyəcanlar içərisində söyləyirdi. Bir kərə də olsun üzümə baxmırdı. Sanki öz-özünə danışırdı. Sözləri məzmunca acıqlı, şıltaq bir qızın sözlərini xatırlatsa da, çöhrəsi incə, yalvarıcı, şikayətedici, yardımbəkləyici bir qızın çöhrəsini ifadə edirdi. O, danışmaqdan və gəzməkdən yoruldu, arxası mənə tərəf olaraq qarşımdakı qoltuqlu səndəlin üzərinə oturdu. Onun bu hərəkətini dəfələrlə görmüşdüm. Bu oturuşu saçlarını oxşamağımı, onu ovundurmağımı tələb edirdi. Mən burada bir az təxir etmişdim. Onun bu vəziyyətindən xeyli mütəəssir olmuşdum. Bu təxirim qızda ikinci bir dönüş yaratmış oldu. Göz yaşlarının damcıları düşmək üçün hazır saxlanmış kimi abı ipək donunun üzərində düşüb parçalanırdı. Qız ağlayır, mən də başının üstündə durmuşdum. Bir-birini təqib edən damcılar da sanki məndən «qızı sakit elə, ruhunu oxşa!» deyə tələb edirdi. «Buradan qayıt get! Hər şeyi başlı-başına burax! İnqilab və məfkurən bunu tələb etsə belə, günahsız və sevgisinin əlində əsir olan bir qızın vəziyyətindən istifadə etmək insafsızlıqdır, rəhmsizlikdir» – düşündüm, lakin bu yoldan ani bir surətdə qayıtdım. «Yox! Bu yol doğru yol deyildir. Qızın ağlamasından darılmamalıyam. Qızlar sevdiyi və sevildiyi zamanlar da nə qədər çətinliklər çəksələr də, eyni zamanda ondan mənəvi ləzzət də almış olurlar». Mən bunları düşünərkən özüm belə hiss etmədən miss Hannanın saçlarını barmaqlarımın arasında gördüm, oxşayır, ovundurmağa çalışırdım. Sevgi həyatın hadisəsidir, sevgi gəncliyin ilk məhsuludur. O, zəruri bir haldır. Hərgah miss Hanna bir neçə ay əvvəl bununla mübarizə aparmış və sevgi hadisəsindən yaxasını qurtarmağa çalışmışsa da, o, təbiətin məcburi hadisəsi ilə nəticəsiz, çocuqcasına bir mübarizə aparmışdır. Mən vaxtilə bunu hiss etsə idim, miss Hannanı belə nəticəsiz və əzici düşüncələrdən mən edər və ona qismən yardım edə bilərdim. Təəssüf olsun ki, mən o zamanlar gözəl Hannanın səmimi və incə sevgilər bəsləyən qəlbinə yol tapa bilməmişdim. Artıq miss davam gətirə bilmədi. O qalxdı və gülərək əllərimdən tutdu: – De görüm harada idin? – deyə soruşdu. – Mən sevgi hadisələrinin nəticəsini görmək və miss Hannanı ziyarət etmək üçün tələsirdim. – Demək, sən məni bir aktrisa, özünü də bir tamaşaçı kimi hiss edirsən? – Xeyr, mən də bir aktyoram, mənim də həyatda müəyyən rolum vardır. «Zatən həyatın hər yeri bir səhnə, bir şəkil, İnsan bir aktyor, dəyişir bil ki, müttəsil». Bu kimi şeirlər tənqid edilsə də, bizim bugünkü vəziyyətimiz üçün olduqca uyğun, olduqca da münasibdir. – Mən rolda deyiləm, sən də rolu burax, ikimiz də səmimi və həqiqi həyat qurmalıyıq. – Gözəl Hanna, rol səmimiyyəti ləkələyə bilməz, biləks o, həyatın üzərindəki ləkələri təmizlər, dediyin kimi həqiqi bir şəklə salar. – İndi de görüm, biz gəzməyə getməyəcəyikmi? – Gedəcəyik, Hacı Əli ağanın ziyarətinə gedəcəyik. Sən orada bir iranlı qızı ilə tanış olacaq, onunla ingiliscə danışacaqsan. Sən o qızı görmüsən, lakin tanış olmamısan. Bu gün tanış olacaqsan. Qız birdən yadına düşmüş kimi mənə belə bir sual verdi: – Bugünkü intibahnamələrdən xəbərin vardırmı? – Necə ki, yoxdur. Özüm divarda oxudum. – İntibahnaməni tərcümə etdim, həm Tehranda Amerika səfirinə, həm də Vaşinqtonda xariciyyə nəzarətinə göndərdim. Amerika konsulxanası qəribə bir fikirdədir. Gizlin bir cəmiyyətə kömək etmək fikrindədir. Bu barədə müəyyən adamlara müəyyən vəzifələr tapşırılmışdır, bu məsələnin genişləndirilməsi üçün çalışacaqdır. – Müqəssirlər tutulmuşdur. – Tutulanların işi şübhəlidir. İki böyük müctəhidin adı çəkildiyindən rus konsulu məsələni yatırmağa və əhəmiyyət verməməyə çalışacaqdır. Çünki onların hər ikisi çar tərəfdarıdır. Vaxtilə hər birisinin haqqında səfarətə və xariciyyə nəzarətinə kitab böyüklüyündə tərifnamələr yazılmışdır. Buna görə də öz nüfuzunu itirməmək və mərkəzin yanında özünün yanıldığını isbat etməmək üçün məsələnin üzərindən keçəcəkdir. Burası Amerika konsulxanasına aydındır. Qız ağlayıb islatdığı paltarlarını dəyişmək üçün içəri otağa keçdi, mən də Amerika konsulunun bizdən ruslara və ingilislərə qarşı istifadə etməsini düşünürdüm. Qızın geyinməsi yarım saatdan artıq çəkdi. Onun bugünkü incə və nəfis paltarlarını ilk dəfə idi ki, görürdüm, zatən onunla dışarı çıxdığım da Təbrizdə birinci dəfə idi. Qız bu gəzintidən çox məmnun idi. Hacı Əli ağanın evinə qədər miss Hanna özünün müəyyən olmayan vəziyyətindən danışırdı. – Mən də səni anlaya bilmirəm, – dedim, – sən ağıllı, kamallı qızsan. Bilirsən ki, sevginin xüsusiyyəti də düşüncələr yaratmaq, şübhələr doğurmaqdır. Sevgi bəzən kiçik bir hissi böyüdərək qaba və əzici bir düşüncə şəklinə sala bilər. Bu düşüncələri özlərindən rədd etməyə qabil olmayanlar intihara qədər də varıb çıxa bilər. Buna görə də sən bəzi düşüncələrə yol verməməlisən. Bizim vahid və yeganə bir məqsədimiz olmalıdır: səmimi sevgini yaşatmaq, onun davamı yolunda mülahizə ediləcək tikanları, maneələri qırıb atmaq! O tikanlar isə yersiz düşüncələr və şübhələrdən ibarətdir. Hacı Əli ağanın evinə yaxınlaşırdıq. Bayaqdan bəri məni dinləyən miss Hanna aciz bir vəziyyət alaraq: – Bunları mən də bilirəm. Amma bilməkdən nə olsun, bacarmaq lazımdır. Mən özümlə bacara bilmirəm, – dedi. * * * Qapını Hacı Əli ağa açdı, əlində fənər var idi. Evə qədər biz bağçanın içərisi ilə getməli idik. Bağça ancaq ikicə fənərlə işıqlanmışdı. Eyvan böyük fənər və lampalarla işıqlandığından gündüz kimi işıq idi. Miss Hanna eyvana çıxar-çıxmaz iri və qara gözlü, top saçlarını bir yerə toplayaraq sol çiynindən köksünə salmış bir qız onu qarşıladı. Mən onunla tanış idim, miss Hannanı ona təqdim etdim, qız isə əlini miss Hannaya uzadaraq: – Dilbər Əlizadə, – deyə tanış oldu. Bundan sonra onlar ingiliscə danışmağa başladı, mən bir şey anlaya bilmirdim. Biz böyük salona, miss Hanna ilə Dilbər xanım başqa bir otağa keçdilər. Bir azdan sonra Məşədi Kazım ağa da gəldi. Bütün ailə çay masasının başına toplandı. Burada da qızlar ingiliscə danışırdı. Miss Hanna Dilbər xanımın ingiliscə danışmasını qeyd edərək: – İran qızları mədəniyyətə olduqca qabildirlər. Bilmirəm, nə üçün onları amerikalılar məktəbinə vermirlər? – dedikdə Hacı Əli ağa: – Əvvəla, məktəb çox para tələb edir, ikinci də, heç kəs qızını açıq buraxmağa razı olmur, – deyə cavab verdi. – Bizim məktəbimiz parasız deyildirmi? – Xeyr, – Dilbər xanım cavab verdi, – yalnız amerikalıların toplayıb saxladığı uşaqlar üçün pulsuzdur, başqaları ağır tədris haqqı verməlidirlər. – Amerika məktəbi, – deyə Hacı Əli davam etdi, – türk qızlarının götürülməsinə imkan vermir, bunun mühüm bir səbəbi vardır. Çünki məktəbə girən türk qızı məktəb proqramlarının bir çoxunu qəbul etmir. Məsələn, din dərslərini, kilsə dərslərini, ibadət, keşiş və rahibə tərbiyəsini sevmirlər. Daha açığı, missionerlik təlimatına rəğbət göstərmirlər. – Məktəb proqramına toxunmamaq üçün bütün dərsləri, hətta dini dərsləri də keçmək, eyni zamanda keçilən dərsin təsirinə düşməmək də mümkündür. Amerika məktəbləri Şərqdə böyük bir mədəniyyət ocağıdır. İranlıların bundan istifadə etməməsinə təəssüf etməlidir. Miss Hannanın bu fikrinə belə cavab verdim: – O qədər də təəssüf ediləcək hal deyildir. Biz birkərəlik bunu bilməliyik ki, insan, xüsusən gənc öyrəndiyini unuda bilməz. Xüsusən məktəbin, dərsin əxlaq üzərində böyük təsiri vardır. Mən miss Hannanın bir fikri ilə şərik ola bilmərəm. O nə deyir? O deyir ki, «dərslərin hamısını keçmək olar, eyni zamanda keçilən dərsin təsirinə düşməmək də mümkündür». Bu fəlsəfə qəbul ediləcək bir fəlsəfə deyildir. Əvvəla, gənc bir qəlb, çocuq qəlbi pedaqoji təsirlərdən çox çətinliklə yaxasını qurtara bilər. Miss Hanna icazə versəydi, məsələni bir az da dərinləşdirmək mümkündür. – Buyurun, buyurun! – deyə miss Hanna qeyri-təbii gülümsünərək cavab verdi. – İstədiyiniz kimi danışın. Dilbər xanım da: – Buyurduqlarınız həqiqətdir. Sözünüzü davam etdirin, rica edirəm, – dedi. – Uşaq məktəbdə aldığı pedaqoji təsirlərdən çıxa bilməz. Hələ İranda, yaxud Şərqin başqa ölkələrində açılan əcnəbi məktəblərinin dərs üsullarını, pedaqoji metodlarını götürmüş və diqqətlə nəzərdən keçirmiş olursaq, orada dini və mövhumi təsirlərdən başqa, daha qorxulu bir təsir vardır. Əcnəbi məktəblərindəki missioner hipnozu təsirindən başqa, bir də müstəmləkəçilik siyasətinin ünsürləri mövcuddur. Bu kimi məktəblərə, hansı bir dövlətin tərəfindən açılarsa - açılsın, gələcək istismar, gələcək müstəmləkəçilik üçün hazırlıq aparan bir aparat kimi baxmalıdır. Belə məktəblər, digər tərəfdən də yerli və milli mədəniyyətin inkişaf etməsi üçün böyük bir manea törədir. Gələcəkdə bu kimi məktəbləri bitirib çıxan müxtəlif fikirli, müxtəlif əqidəli şərqlilər öz milli mədəniyyətini yarada bilməyəcək, hətta yaratmaq da istəməyəcəkdir. – Heç olmazsa, lisanı öyrənmək və bir ingilislə ingilis kimi danışmağın özü də bir mədəniyyətdir, – deyə miss Hanna əlavə etdi. – Yenə razılaşa bilmirəm, – deyə etiraz etdim. – Mədəniyyəti verən lisan deyil, sağlam bilikdir. Əcnəbi məktəbləri sağlam bilik verə bilərsə, o məktəblərə tələbələri mövhumata, dinə, kilsəyə, missioner qanunlarına, müstəmləkə tələlərinə doğru sürükləməyərək, sağlam biliyi verə bilərsə, doğrudan da, mən miss Hannanın sözlərinə şərik olaraq deyərəm: «Amerika məktəbləri Şərqin mədəniyyət ocağıdır». Qoyun indi miss Hannanın özündən sual edək: – Miss bu dediklərimə etirazınız vardırmı? – Xeyr, yoxdur, – deyə miss Hanna cavab verdi. – Gələlim yenə də lisan vasitəsilə mədəni olmaq məsələsinə. Lisanın mədəniyyət üzərində təsiri çoxdur. Lakin bu o demək deyildir ki, mədəniyyət lisandan asılıdır. Bu fəlsəfə doğru olsa idi, iranlılar ən mədəni millət olmalı idi, halbuki əksinədir. Məsələn, lisanı, yazısı əlverişsiz olan yaponlar mədəni olmuş, lisanı zərif və tələffüzü yumşaq olan iranlılar isə mədəniyyətsiz və geridə qalmışdır. – Təklifiniz nədir? – deyə miss Hanna soruşdu. – İran bacarırsa, İranda açılan və müstəmləkə təbliğ edən bütün məktəbləri qapamalı, öz milli mədəniyyətini yaradan məktəblər açmalıdır. Şərqdə açılan əcnəbi məktəbləri millətləri beynəlmiləl birlik, beynəlmiləl ictimai tərbiyə ətrafına toplamaq məqsədilə açılsa idi, bunu hər kəsin təbrik etməsi lazım idi. Məktəblərdə yalnız müstəmləkəçi hökumətin rəsmi lisanı deyil, məhəlli dillərdə də dərs keçilməli idi. Müstəmləkəçi hökumət dinçi olduğu halda millətlərin daşıdığı dinləri təbliğ edən şəriət müəllimləri saxlasa idi, bunun o qədər də qorxusu yox idi. Çünki tələbə mədəni bilik aldıqdan sonra öz dilini, öz mövhumatını tədrici olaraq atmağa çalışacaq idi. Amerika, yaxud başqa əcnəbi məktəblərində belə deyildir. Bu məktəblərdə oxuyan tələbə mədəni biliyi din mədəniyyəti şəklində aldığından onda mövhumat ilə mübarizə edə biləcək mədəni duyğular doğulmur. – Miss Hanna icazə verirsə, – deyə Hacı Əli sözə qarışdı, – mən də yoldaşın fikrinə şərik olacağam. Dilbər xanım bu il Amerika məktəbini bitirir. Onu öyrənirəm, bütün hərəkətinə, rəftarına, onda doğan hislərə qədər nəzər yetirir və onun varlığını təyin etməyə çalışıram. Nəticədə belə bir qərara gəlirəm: qız təbrizli deyil, amerikalı deyil, türk deyil, ingilis də deyil. Qız müsəlman deyil, xaçpərəst də deyil. Hərgah Dilbər xanım bu saydıqlarımın birisindən ayrılıb tamamilə digər birisinə bağlanmış olsaydı, o, həyatında müəyyən yol götürər, o yolun vasitəsilə də öz gələcəyini qurardı. İndi isə o nə bizim, nə də bizimlə əlaqəsi olan ailələr içərisində özü üçün bir cəmiyyət düzəltməyi bacarmır. Bizim hər şeyimiz buna yabançıdır. Bu dediklərim bütün missioner məktəblərində oxuyan tələbələrdə mövcud olan bir xüsusiyyətdir. Məsələn, beləliləri Fransa müstəmləkəçiliyini təbliğ edən bir məktəbi bitirmişsə, o özünün köçüb Fransaya getməsini yox, Fransanın köçüb vətəninə gəlməsini sevər, çünki bunlar bir müstəmləkə təbliğatçısı sifəti ilə hazırlanmışlar. – Doğrudur, – dedim, – Amerika və sair müstəmləkəçilərin məktəblərində oxumağın zərərli olduğunu təbliğ edən ruhanilər məsələyə bu tərəfdən yanaşmış olsa idi, mən də onların tərəfində durardım, lakin onlar məktəblərdəki müstəmləkəçilik, missionerlik və sair cəhətləri tamamilə xəyallarına gətirməyərək, ancaq: qız məktəbə gedərsə, üzünü açacaqdır, bu da müsəlmanlığa zərərdir – deyərək qovğa qoparırlar. Halbuki əcnəbi məktəblərinin təqdir ediləcək bir cəhəti varsa, o da orada oxuyan türk qızlarının çarşabı atmasından ibarətdir. Hələ ruhanilərin fikrincə, əcnəbi məktəblərindən çıxanlar dinsiz çıxırmış. Bu da yanlış fikirdir. Hərgah məktəbə başqa bir dinlə girmişsə, məktəbdən çıxdığı zaman daha başqa bir dinlə dışarı çıxmağa məcburdur. Orada dinsizlik məsələsi doğru qoyulsaydı, biz yenə də əcnəbi məktəblərini təbrik edə bilərdik, çünki mədəniyyəti dinsizliklə əldə etmək daha asandır. – Əcəba, din mədəniyyətin düşmənidirmi? – deyə miss Hanna təəccüblə soruşdu. – Bəli, düşmənidir! – Nə üçün? – Çünki dini üsullar ilə mədəni üsullar bir yerdə yaşaya bilməz. – Fəlsəfəniz doğru fəlsəfə deyildir. Sizinlə bu barədə geniş mübahisə aparmaq lazım gələcəkdir. Dilbər xanım bizə müraciətlə: – Mübahisələri buradaca boşlayın, zənn edirəm ki, hacı babam da bu fikirdədir, – dedi. Onlar gözlərini mənim və miss Hannanın ağzına dikmişdi. Məşədi Kazım ağa da bizim miss Hanna ilə olan səmimi söhbətlərimizi birinci dəfə gördüyündən çox maraqlanırdı. Miss Hanna əlindəki çayı içə-içə mənə baxır və gülümsəyirdi, zənnimcə, o bizim Amerika müstəmləkəçiliyi haqqındakı tənqidimizin intiqamını almağa və din sahəsindəki mübahisəmizdə məni döymənə hazırlaşırdı. O, stəkanı yerə qoyaraq dedi: – Dinin mədəniyyət düşməni olduğu barəsindəki fikrinizi isbat edə biləcəksinizmi? – Bəli, isbat etməyə çalışacağam, fəqət bir şərtlə. – Hansı şərtlə? – deyə qız soruşdu. – Mübahisə ancaq bir həqiqət aramaq üzərində gedəcək, inadkarlığa, təəssübə yol verilməyəcək. – Elə də olmalıdır. Mən də bunu istəyirəm. Lakin mənim bircə şərtim vardır. – Buyurun görüm. Miss özünü düzəldərək, mavi gözlərini mənə çevirməklə tərs-tərs baxaraq dedi: – Hər bir məsələni o tərəf-bu tərəfə çəkməklə cavabında aciz qaldığınız əsas məsələni unutdurmağa və aralıqdan çıxarmağa tələsirsiniz. Mən bunu şəxsi məsələlərin müzakirəsində də təcrübədən keçirmişəm, bu barədə çox mahir, çox da ustasınız. İndiki müzakirəmizdə belə etməməlisiniz. – Siz bu şübhəni mənim hər bir məsələni ətraflı bir surətdə həll etmək istədiyim nəticəsində qazanmışsınız. İndi isə hazıram, mənim din haqqındakı düşüncəmə qarşı öz mülahizə, öz etirazınızı söyləyə bilərsiniz. Qız sözünü belə başladı: – Mən dindən danışdıqda yalnız mədəni dinlər üzərində duracağam. Din mədəniyyətin üzərində hakimdir, nə üçün? Çünki hər xalqın mədəniyyəti onun daşıdığı dinin məhsuludur. Odur ki, bir mədəniyyətin dərəcəsi, onu doğuran dinin mədəniyyət üçün müsaidəli olub-olmamağından asılıdır. Bütpərəstlikdən doğan əski Çin mədəniyyəti, ilanlara, heyvanlara, cürbəcür canlı və cansız şeylərə inanan gildani mədəniyyəti, assorilərin, misirlilərin mədəniyyəti, bu gün heç dərəcəsində qalan əski İran mədəniyyəti, vaxtilə Avropanı təsiri altına almağa başlayan ərəb mədəniyyəti – bunların hamısı dinlərdən doğulan bir mədəniyyətdir ki, bunların arasındakı fərqlər də dinlərin səviyyəcə biri digərindən fərqli olması ilə əlaqədardır. Bunu da xristian dünyasının İsa dinini daşımaqla yüksək bir mədəniyyət yaratması isbat etmiş oldu. İndi deyin görüm, bu dediyim həqiqətlər sizə bir qənaət qazandırdımı? Miss Hannanın bu sözlərindən Dilbər xanım məmnun qalmışdı, hətta miss Hannanı qucaqlayıb öpəcək qədər şadlanırdı. Dilbər xanım xristian dini əsasında qurulan tərbiyənin məhsullarını öz nazik və qırmızı dodaqlarında, şəvə kimi göz bəbəklərində, incə vücudunun titrəyişində də göstərirdi. Mən düşündüyümdən aralıqda bir az fasilə keçdi. Miss Hanna son sözlərini bir daha təkrar etdi: – Deyin görüm, bu həqiqətlər sizə bir qənaət qazandırdımı? – Xeyr, – deyə qəti cavab verdim. – Nə üçün? – Əvvəla, biz burada bir həqiqəti aydın edərkən dini təbliğat aparmamalıyıq. Çünki həyat özü də bundan yorulmuşdur. İkincisi də, sizə deməliyəm ki, xristian dünyasının mədəni hissəsi dinçi deyildir. Xristian dininin əsiri olanlar hamısı mədəniyyətsizdir, hətta dünyanın ən mədəniyyətsiz xalqlarından da geridə qalmışdır. Çünki mədəni hissəsi mədəni olmaq üçün də dini öz üzərindən atmış, onu bir istismar aləti olmaq üzrə aşağı təbəqələrə verməklə onun mədəniyyət və siyasi düşüncəsinə əngəl törətmişdir. Qız bir az sakit oldu, sanki yaxasını qurtarmaq üçün çıxış yolu arayırdı, lakin onun verdiyi cavab çox da sadə və avamcasına cavab deyildi. – Doğru deyirsiniz, – soyuqqanlılıqla cavab verdi. – Din insana mədəni oluncaya qədər lazımdır. Zatən din bunun üçün də yaradılmışdır. Dediyiniz aşağı təbəqənin özü də mədəni olduqca, mədəniyyətə yaxınlaşdıqca, dindən uzaqlaşacaqdır. Miss Hanna bu sözləri ilə mənim razı qalacağımı, qənaət hasil edəcəyimi düşünürdü. Lakin mənim verdiyim son cavab, onun bütün ümidlərini qırdı. – Əziz yoldaşım Hanna! Dinçi xristian dünyasının mədəni təbəqəsi, sizin təbirinizlə, mədəniləşmiş və bunun üçün də dini atmış təbəqələrin missionerlik üsulları, onların düzəltdikləri dini cəmiyyətlər, kilsəni və kilsə qanunlarını yaşatması, hətta mədəni təbəqənin, yəni bu sahədə sərf etdikləri paraların miqdarı bizə bir söz deyir, icazə versəniz, mən o sözü deyəcəyəm. Hamı birdən: – Buyurun! Buyurun! – dedi. – Siz dediyiniz mədəniləşmiş və dini atmış təbəqələr yalançıdır. Onlar aşağı təbəqənin mədəniləşməsinə, dini atmasına əsla imkan verməzlər, çünki aşağı təbəqə dinsizləşir və mədəniləşirsə, o zaman «mədənilərin» əmrinə boyun əyməz, fabrik-zavodlarda zəhmətini ucuz satmaz, istifadə və istismar qanunlarına tabe olmazlar. Bunun üçün də dinin damğasından, hətta köləlik damğasından ibarət olan xaç əbədi olaraq aşağı təbəqənin boynundan asılmalıdır. Miss Hanna dinmədi. Məclisi sükut bürüdü. Çox danışmışdıq, şam etmək lazımdı. Süfrə başında yenə də Dilbər xanım ilə miss Hanna ingiliscə, biz də türkcə danışırdıq. Gecə saat 12-də vidalaşıb çıxdıq. Dilbər xanımla miss Hanna da biri digərini tez-tez ziyarət etməyə sözləşdilər. Biz evdən çıxıb miss Hannanı evlərinə yola salaraq qayıtdıq. Məşədi Kazım amerikalı qızın kim olduğunu soruşduqda: – Sizə milyonları qazandıran bu qızdır! – dedim. * * * Şəbnaməyi nömrə duvvum Bu gün Təbrizin bütün küçələrində rus teleqraf agentliyinin xəbərləri vurulmuşdu. Bu da Təbriz həyatında birinci hadisələrdən idi, çar istilası zamanı və çar istilasından əvvəl belə-belə hadisələr olmamışdı. Rus konsulxanasının bizim çıxardığımız şəbnamələrlə mübarizə aparmaq tədbirləri bundan ibarət qaldı. O, yalan və uydurma teleqraf xəbərlərini çap etdirib divarlara yapışdırmaqla xalqın fikrini Məhəmmədəlinin lehinə çevirməyə çalışırdı. Teleqraf bu məzmunda idi: «25 Avqust, 1911-ci il. Rus teleqraf agentliyinin verdiyi xəbərlərə görə, şahın müzəffər orduları hər tərəfdən hücuma keçib Tehran üzərinə yürüməkdədir. Cəfərbay qəbiləsinin igid süvariləri «İmamzadə» üfüqlərində görünməyə başlamışdır. Talış, Mikayıllı, Hacıxocalı, Canxanımlı, Poladlı qəbilələri də tac-taxtı öz həqiqi sahibinə qaytarmağa and içib Tehran üzərinə yürüməkdədirlər». Farsca yazılmış bu xəbər Təbriz divarlarına vurulmaqdan başqa, rus tərəfdarları vasitəsilə qucaq-qucaq bazara çıxarılıb əhaliyə paylanırdı. Məscid qabaqlarında, meydançalarda, döngələrdə başqa söz eşitmək mümkün deyildi, hər kəs bu barədə danışırdı. Hacı Mirməhəmməd və Hacı Mirqurban, bunlarla bərabər bütün Rusiya himayəsində olanlar küçədə hər kəsi görürsə, bir nömrə «Novoye vremya» qəzeti göstərib deyirdi: – Ağa, bir al bax, cəddim rəsulillaha and içirəm ki, işlər qurtarıbdır. Bu qəzeti konsul cənablarının özü bəndəyə iltifat elədi və bəndələrinə xüsusi olaraq buyurdular ki, məsələ iki-üç günün məsələsidir. İşlər bitmişdir. Doğru məlumatı amerikalı qızdan və yaxud Ninadan ala bilərdim. Mənzilim miss Hannanın evinə daha yaxın idi: bir də o, evə çox tez gəlirdi. Oraya getdim. Oturub onu yarım saatdan artıq gözləməyə məcbur oldum. Qız qızarmış və nəşəli bir halda evə girdi. Şlyapasını çıxarıb bir tərəfə, əlcəklərini digər bir tərəfə tulladı. Paltosunu qulluqçu qadının başına atdı. Sonra da mənim əlimdən tutub eyvana çəkdi. – Nə olmuşdur ki? – deyə tələsik soruşdum. – Biz deyən olmuşdur, – deyə qız sevinərək cavab verdi. – Siz deyən? – Hə, Məhəmmədəli məğlub oldu. – Nə deyirsən, Hannam! Gözəl Hannam! – Məhəmmədəlinin qabaq dəstələri sərdar Ərşədin komandası ilə Tehran yolu üzərindəki İmamzadəyə hücum etmişdir. Onlar ilk dəfə məşrutə ordusu ilə üz-üzə gəlmişdir. Qanlı müharibələr olmuş, nəticədə məşrutə ordusu düşməndən 300 əsir tutmuşdur. Sərdar Ərşəd vuruşma meydanında 100 nəfər də ölü buraxıb qaçmağa məcbur olmuşdur. Qız bu sözləri deyərək: – Bu sözlərdən razı qaldınmı? – deyə əlavə etdi. – Doğrusu, həqiqətin hansı tərəfdə olduğunu təyin edə bilmədiyimdən heç bir söz deyə bilmərəm, – dedim. – Əzizim! Mən bu sözləri heç bir kəsə demərəm, səni bir namuslu iranlı olaraq tanıdığımdan qəlbimi və sirrimi açmağa cürət edirəm. Amerikalıların xoşuna gedən şey hazırda iranlıların mənfəətidir. Amerika hökuməti daim İranın istiqlaliyyəti tərəfdarıdır. İndi de görüm, bu gün biz naharı bir yerdə yeyəcəyikmi? – Gözəl Hanna ilə nahar yeməyi kim istəməz? – İndi bəs nə üçün gəlmişdin? – Bunu özün daha yaxşı bilirsən. – Mən bu sözün həqiqət olduğunu bilsəydim, səni rahətsiz etməz, məsləhətlərini dinlər və gələcəyə əmin olardım. – Bu bir həqiqətdir. Sənin qəlbindəki arzulara and içirəm. Çünki o arzular mənim üçün də müqəddəsdir. Vidalaşıb çıxdım. Rus düşməni olan amerikalıların bir çox sözlərinə inanmaq mümkün olmadığından, rus konsulxanasından da xəbər bilmək lazım idi. Mən evə girərkən Nina yenicə gəlmiş və ev paltarında olaraq çalışmaq istəyirdi. O məni görərkən, adəti üzrə içəri otağa girib paltarını dəyişmək istədisə də, mən mane oldum. – Nina, gəl otur, narahat olma! – deyə divanın üstündə oturmasını rica etdim. Oturdu. Məcidi də qolları arasına alıb saçlarını, yaxalığını düzəltməyə başladı. – İki mühüm xəbər vardır, – deyə Nina sözə başladı. – Nə xəbər? – Bu gün Tehrandan konsulun bütün ümidlərini qıracaq bir xəbər gəlmişdir. İmamzadə yanında gedən müharibədə sərdar Ərşədin komandası altındakı qoşun məğlub olmuş, 100 ölü, 300 əsir verərək qaçmağa məcbur olmuşdur. Tehrandan verilən təlimata görə, yerli mətbuata təsir yetirmək və Məhəmmədəlinin məğlubiyyəti haqqındakı xəbərləri gizlətmək lazımdır. Bu, birinci xəbər. İkinci xəbər də odur ki, sərdar Rəşidin evinə qonaq dəvət edilmişik. Artıq onlar evlənmişlər. Bu xəbərlərdən razısanmı? – Birinci xəbərdən razı, ikincidən isə razı deyiləm, çünki bizim o cəmiyyətdə olmağımızın zərəri faydasından artıqdır. – Səhv edirsən. Sərdar Rəşid rus konsulunun yaxın adamıdır. Çarın böyük vasitələrindəndir. Konsulun bu izdivaca təntənə verməsi də bu məqsədlədir. Yoxsa İraida bu izdivaca razı olmazdı. Onun bədbəxtliyinə çarın müstəmləkə siyasəti də səbəb olmuşdur. Məncə, bir hadisə zühurunda sənin sərdar Rəşidlə tanış olmağın böyük bir rol oynaya bilər, xüsusən bizim bu dəvətə əhəmiyyət verməməyimiz İraidanın şübhəsini də qazana bilər, bizdən inciyər, çünki bizdən başqa bir kəsi yoxdur. – Doğrudur, lakin İraida sözümə qulaq asmadığı üçün inciməyə haqlı deyildir, – deyə qəti cavab verdim. – Mən sərdar Rəşidin bir gələcəyə malik olmayacağını bilirəm, bunu mən ona açıqdan-açığa deyə bilməsəm də, fikrimi ona anlatdım, onun özü də sərdar Rəşidə satılmayacağını sözarası mənə dedi və məni inandırdı, lakin yalançı çıxdı. – İş belə olmuşdur, – deyə qız məni inandırmağa başladı. – Sərdar Rəşidin arvadı özünü yaxşı aparmırdı. Sərdar da onu buraxmağa, İraidaya evlənməyə tələsirdi. İraida ailənin dağılmağına razı olmurdu. Məsələ çoxdan bəri bu şəkildə qalmışdı. Bu günlərdə arvadın qardaşları gəlmiş və onu həmişəlik olaraq alıb Ərdəbilə aparmışlar. Bir tərəfdən bu, digər tərəfdən də konsulun təşviqi nəticəsində İraida bu izdivaca razı olmuşdur. Ziyafət bizim üçün maraqsız olmaz. Hər cür olursa-olsun, biz bu ziyafətə getməliyik. – Gedərik, etiraz etmirəm, ancaq onu bil ki, bu gecə şəbnaməni buraxmalıyıq. Çünki rus konsulunun buraxdığı gündüz teleqramları təbrizlilərin çox hissəsini Məhəmmədəlinin qalib gələcəyinə inandırmışdır. Bu gecə dərnək üzvlərinin səfərbər edilməsi lazımdır. Həsənağa bu gün sənin yanına gələcəkdir. Ona tapşırarsan, üzvlərə xəbər verər, özü də mənim yanıma gəlməlidir. İndi Rus–İran məktəbinə gedirəm. Ninanın saçlarından, Məcidin isə üzündən öpərək vidalaşdım. Rus–İran məktəbinə gedərkən Məcidülmülk mağazalarının qabağında məktəb müəllimi Əkbər Əkbərov yoldaşa rast gəldim, bütün eşitdiklərimi ona xəbər verərək, bu gecə şəbnamənin çıxarılacağını da söylədim. – Nə vaxt görüşəcəyik? – deyə soruşdu. – Axşam saat 10-da məni gözlərsən. Mündərəcəsini gətirəcəyəm. Sən kağızları əvvəlki ölçüdə hazır etdirərsən. Yenə də şagirdləri səfərbərliyə almalısan. Mən başqalarına da sifariş göndərmişəm, səhər tezdən şəbnamələr divarlarda olmalıdır. Əkbər Əkbərov yoldaşdan ayrılıb Məşədi Kazım ağanın hücrəsinə getdim. Tacirlər yenə onun ətrafında fırlanır, yenə də mal almaq istəyənlər tacir dilini işə salmışdılar. Mən onun qulağına Məhəmmədəlinin İmamzadə yanında əzildiyini xəbər verərək, mallardan bir hissəsinin satılmasını məsləhət gördüm, çünki hələ müharibə tamamilə bitməmişdi. – İndi bizim təklifimiz nədir? – deyə Məşədi Kazım ağa sordu. – Yeni mallardan bir qismini sat, hamısını yox. Bir də bu gecə şəbnaməni çap etməliyik. Saat səkkizdə iclas çağırmalısan. İclasın yerini axşam evdə mənə deyərsən. – Nahara gəlməyəcəksənmi? – Xeyr, getməli yerim var, – deyə oradan çıxdım və miss Hannanın evinə yollandım. * * * Çar casusları əvvəlki yerləri gecə-gündüz nəzarət altına aldıqlarından bu gün şəbnamənin ikinci nömrəsi tamamilə başqa yerlərdə yapışdırılmışdı. Şəbnamənin bu nömrəsi təbrizlilərdə böyük bir ruh yüksəkliyi oyandırmışdı. Aylardan bəri lal olan dillər açılmış və sönməyə başlayan inqilab duyğuları cuşa gəlmişdi. Küçədəki çəkməsilənlər, şey satanlar, hətta hamballar belə, inqilabın qalib günlərində olduğu kimi, istibdadı təhqiredici sözlər danışır və şeirlər oxuyurdular: «Məmdəli qaçdı qoyma! Bəndini açdı qoyma!» Şəbnamələr divardan qoparılmamışdı. Mən Mirzə İsmayıl karvansarasının qabağından keçərkən camaatın bir yerə toplandığını, bir nəfərin şəbnaməni ucadan oxuduğunu və ağa Məhəmmədəli Qarabağlının xalça üstündə əyləşib qəlyan çəkə-çəkə şəbnaməni dinlədiyini gördüm. «Təbriz camaatı! Həqiqət heç vaxt məğlub olmaz! Azadlıq fikri boğulmaz! Şəbnamənin birinci nömrəsində sabiq şah Məhəmmədəlinin ingilis-rus dövlətlərinin vasitəsilə İrana gəldiyini yazmışdıq. Heç şübhə yoxdur ki, o xəbərdən inqilabçı Təbriz xalqı həyəcana düşmüşdü. Daxili mətbuat istilaçı çar hökumətinin təzyiqi nəticəsində olaraq həqiqəti gizlədir. Odur ki, Məhəmmədəlinin hərəkətinə dair aldığımız xəbərləri bu nömrəmizdə Təbriz camaatına bildiririk. Tehrandan alınan mötəbər xəbərlərə görə, sentyabr ayının beşində, Məhəmmədəlinin qoşunları, sərdar Ərşədin komandası altında olaraq İmamzadə yanında məşrutə ordusu ilə üz-üzə gəlmişdir. Məşrutəçilər sərdar Ərşədin qoşunundan 3 yüz əsir götürmüş, yüz nəfər də öldürmüşlər. Məhəmmədəlinin ordusu qaçmaqdadır. Məşrutə ordusuna gündən-günə təzə qüvvələr qoşulur, inqilabçı qəbilələr məşrutə ordusuna qoşulur. Gələcək xəbərləri üçüncü nömrədə xəbər verəcəyiz». Mən kənarda durub baxırdım. Birdən «kökəmir» seyidləri əllərində ağac bazara töküldülər və divarlara vurulan şəbnamələri qoparmağa başladılar. Mirzə İsmayıl karvansarasının ağzına yetişdikdə, karvansarının qapısına yapışdırılan şəbnaməni qoparmaq istədilərsə də, Ağa Məhəmmədəli Qarabağlını görüb cürət etmədilər. Mən oradan keçib Rasta bazar ilə Gəcil qəbiristanı və Acıdan qapısı tərəflərinə gedib vəziyyətdən xəbər tutmaq istəyirdim. Məşədi Kazım ağaya rast gəldim. O məni görüb gülümsündü. – Ustadına mərhəba! – dedi. – Nə olmuşdur? – deyə soruşdum. – Bu tədbirin xoşuma gəldi. – Hansı tədbir? – Nəzmiyyələr şəbnamələrin Amerika konsulxanasında düzəldiyinə dair vəsiqələr tapmışlar. Gecə saat ikidə bir nəfər qaçıb Amerika konsulxanasına girmiş, dalındakı torbanı salmışdır. Torbanın içində şəbnamə və şəbnamə kağızları varmış. Torbanın yazıları da bunu isbat edir. – Ola bilər, amerikalılar ilə rusların rəqabəti də bunu inandıra bilər. – Görək nəticəsi nə olacaqdır, – deyə yolumuza davam etdik. Şəhərin hər tərəfində həyəcan hiss olunurdu. Bu gün çar ordusunun kiçik dəstələri də şəhərə çıxarılmışdı. Bütün nəzmiyyə ayaq üstündə idi, Amerika konsulxanasının qapısındakı qarovulun sayı artırılmışdı. Bu tərəflərdə çar kazak gözətçiləri də var idi. Nina bütün qiymətli şeylərini üstünə taxmışdı. Mən inqilabçı qızın bu hərəkətinə təəccüb etməyə bilməzdim, lakin narazılıq törətməmək üçün etiraz etmədim. Sərdar Rəşidin qapısına yetişdikdə, Nina: – Dışarısı bir şey deyil, görək içərisi necədir? – dedi. Mən qızın bacısına qarşı bir rəqabət hissi bəslədiyini duyaraq öz-özümə: «Əcəba, bizim bütün inqilabçı qız və qadınlarımız bu fikirdədirmi? Əcəba, Nina kimi gənc və təmiz ruhlu bir qıza, hətta inqilabçı bir qıza bu xasiyyət yaraşarmı? Bəlkə, bu qızların hamısına aid bir xüsusiyyətdir?» – düşündüm. Daşdan qayırılmış, alçaq və yumurta şəklində olan qapının yanındakı baqqaldan qapı sahibini soruşdum. Baqqal bir mənə, bir də cavahirlər içində parlayan Ninaya baxıb dedi: – Bu ev badamçıların evidir. Torpağı sanında... – İndi burada kim yaşayır? – deyə baqqalın sözünü kəsdim. – İndi burada Ərdəbildən gələn bir nəfər əyan mənzil edibdir, özü də gözəl bir urus qızına evlənibdir. Amma qız da yaman qız deyil... Qapıya yanaşıb çax-çaxını vurdum. Qapını İraidanın qədim qulluqçusu, alman qızı Matilda açdı və qayıdıb evə xəbər verdi. İraida, sərdar Rəşid və başqaları bizi qarşıladılar. Biz küçə dəhlizindən həyətə girdikdə qəssablar iki qoyunu yıxıb ayağımızın altında qurban kəsmək istədilər. Nina: – Qoyun biz keçib-gedək sonra kəsin, – deyə qəssabları dayandırdı. Sərdar Rəşid mənim, İraida isə Ninanın qolundan tutub, bizi bağçanın xiyabanları ilə keçirib eyvana çıxardılar. – Mərhəmət buyurubsunuz. Həqiqətdə sizin təşrifiniz bizi məsud buyurdu. Bu gün mənim həyatımda ilk şadlıq günüdür, – deyə sərdar Rəşid bizi belə yağlı sözlərlə müşayiət etdi. İraida Ninaya nə isə deyirdi. Nina bu sözlərin heç birisini eşitmirdi, o özünü İraida ilə müqayisə etmək, ona üstün gəlmək fikrində olduğundan hər şeyi unutmuşdu. Biz otaqları, bağçanı, eyvanı gəzib, gözdən keçirdik. Nina rəqabətdə qalib gəlmişdi. Çünki Ninanın evləri sərdar Rəşidin evlərinə nisbətən hər cəhətcə zəngin idi. Çay salonunda bir yenilik yox idi, oradakı yenilik xırdaca çar bayraqlarının arasındakı çərçivədə qoyulan II Nikolayın təsviri idi. Mən sərdar Rəşidlə xüsusi bir masanın başında oturmuşdum. İraida Ninanın bağışladığı pudraqabını göstərərək: – Sərdar, bunu Ninanın yoldaşı mənim üçün almışdır, – dedi. Sərdar Rəşid mənə müraciətlə: – Mərhəmətinizdən olduqca məmnunam. Ailə haqqındakı iltifatınız gələcək qohumluğumuzun möhkəmlənməsini təmin edir, – dedi və İraidanın üzünə baxaraq, nəyə isə işarə etdi. İraida qalxıb o biri otağa getdi. Nina isə gəlib bizim yanımızda oturdu. İraida bir azdan sonra əlində iki kiçik qutu içəri girdi. Yaşıl məxmərdən qayrılmış qutuların birisindən bir cüt nəfis qolbaq, digərindən isə nazik və olduqca gözəl bir saat çıxardı. – Sərdar bunları sizin üçün almışdır, – deyə qolbaqları Ninanın qoluna keçirdi, saatı da mənim frençimin cibinə qoydu. – Sərdarın zəhmətinə razı deyildik. Sərdar tərəfindən verildiyi üçün bu hədiyyələr tarixi və mühüm bir qiymətə malikdir, – dedim. Lampalar yanmışdı. Təbrizdə elektrik işığı olsa da, sərdar Rəşidin evində yox idi, elektrik işığını əvəz edəcək onlarca fransız və ingilis lampaları yanırdı. Böyük avizələrdə yanan şamların işığı ilə sərdar Rəşidin evi gündüz kimi işıqlanmışdı. Mahru xanım evdə deyildi, o öz sevgilisi Smirnovla birlikdə gələcəkdi. Sərdar Rəşid Mahrunun Smirnovla əlaqəsinə işarə edərək: – Ağa, biz şərqliyik, – dedi, – bir məsələni necə başlayıb və harada bitirməyi başqa millətlərdən daha tez anlaya bilərik. Mən bunu İraida xanıma da demişəm. Bizim həyatımız ruslarla əlaqədardır. Bizim səadətli və bəxtiyar gələcəyimizi, tərbiyə və mədəniyyətimizi ancaq rus tərbiyəsi və rus mədəniyyəti verə biləcəkdir. Bizim milli istiqlaliyyətimiz də rus dövləti bəhiyyəsinin əzəmətindən asılıdır, biz bunların əlində olsaq, daha yaxşı irəli gedərik. Bunu anlayan yoxdur, olan olsa da, çox azdır. Mən bilirəm ki, bunlara qarışmaq, qız verib qız almaq, həyatı bir yerə qarışdırmıq lazımdır. Mən öz bacım Mahrunu da Smirnova bu məqsədlə verirəm, xanım İraida ilə də bu məqsədlə izdivac etmişəm. Mən öz əqidəmin, öz məsləyimin gözəl nəticəsini gördüm, xudavəndi təbarək təali mənə gözəl və nəcib bir qız da qismət elədi. Siz özünüz də rus tərbiyəsi almış bir zatsınız. İraida xanım sizin tərbiyəli, mədəni bir zat olduğunuz haqqında mənə azı yüz dəfə söhbət etmişdir. O öz bacısının xoşbəxt olduğu haqqında danışır, sevinir, özünüz də cavan və zənginsiniz. Sizdən üzr istəyərək, arz edirəm: şəriət nəbəvini əldən buraxmayan, dinimiz, şəriətimiz də əhli-kitabdan qız almağa icazə verir. İndi ki, belədir, siz də gərək məsələni örtülü qoymuyasınız, siz də gərək işi şəriət yolu ilə düzəldəsiniz. Bir siğə oxutmağa nə var? Bəlkə də, qız gələcəkdə dini-mübini-məhəmmədini də qəbul edər, bunun səvabı isə bizim yetmiş iki arxamıza da kifayətdir. Mən bu gün sizi bura dəvət edərkən öz məqsədimi bildirmək və bu işi sizə də məsləhət görməyi düşünmüşəm. Nökərlərinə nə isə tapşırmaq üçün eyvana çıxdı. Mən onun bu tövsiyələrinə nə yolla cavab verəcəyimi düşünürdüm ki, birdən qapı açıldı, Mahru və onun sevgilisi Smirnov içəri girdi. Mahru xanım çarşabda idi, eşitdiyimizə görə, o, küçədə çarşabda, evdə isə şlyapada gəzirmiş. Mahru xanım içəri otağa girib çıxıncaya qədər, bu məğrur çar zabiti salonun bir tərəfində durub heç bir kəslə tanış olmadı. Mahru xanım çıxandan sonra Smirnovu əvvəlcə Nina, sonra da mənimlə tanış elədi. Mahru xanım Ninanı Smirnovla tanış elədikdə: – Bu bizim gəlinin bacısı Nina xanımdır, – dedi. Məni tanış etdikdə isə: – Bu isə, bizim gəlinin gələcək yeznəsi Əbülhəsən bəydir, haqqında sizə danışdığım zatdır, – dedi. Smirnov bir az düşündü. İranlı olduğuma inansa da, kübar familiyadan olduğuma şübhə edirdi, buna görə də birinci tanışlığımız belə başladı: – Siz əsilzadəmisiniz? – Bəli, əsilzadəyəm. Bəyəm. – Çox gözəl, çox da güvara! Tanış, hətta yaxın qohum olacağımız üçün özümü xoşbəxt hesab edirəm. Bu adam mənə olduqca tanış gəlirdi. Harada isə bu zabiti görmüşdüm. Salon çox işıq idi, üç nəfər gənc və gözəl qız ən qiymətli daşlarla bəzəndikləri halda biri digərinə yaxın oturmuşdu. Onlar əllərindəki kiçik çay stəkanlarını dodaqlarına aparərkən barmaqlarındakı brilyantlar lampalardan işıq aldığı üçün insanın gözünü qamaşdırırdı. Qonaqlar və ev sahibi nə qədər danışıb gülsə də, yenə gözlərini Ninanın qolundakı nəfis saatdan götürə bilmirdi. Sərdar Rəşid İraida ilə Smirnovun arasında oturmuşdu. Onlar rusca, Mahru, Nina, mən isə türkcə danışırdıq. Sərdar Rəşid rusca çox kobud və savadsız danışırdı, heç şübhə yoxdur ki, nə İraida, nə də Smirnov onun dediklərini anlamırdı. Mən onun danışığı ilə çox maraqlanırdım. Ancaq onu bilirdim ki, o, Avropaya səyahəti haqqında söhbət edir; rus sözlərinin quruluşunu, şeylərin və şəhərlərin adını tamamilə təhrif edib başqa cür deyirdi. Məsələn: şəlipa dedikdə mən onun şlyapa demək istədiyini bilirdim. O, tez-tez vinovat demək istədikdə, vənavət deyib Smirnovu güldürürdü. London əvəzinə Ləndən, professor yerinə profisger, doktor yerinə dəktor, bilirəm yerinə bilirsən, yeyəcəyəm yerinə yeyəcəksən, əfv edin yerinə rəca edin deyərək, İraidanı və Smirnovu gülümsəməyə məcbur edirdi. Sərdar Rəşid danışdıqca dönüb həyətə baxırdı, deyəsən, yenə də gözləyəcəyi qonaqları var idi. Mən darıxırdım, bir yerdə otura bilmirdim, durub salonda dolaşmaq istədim, polkovnik Smirnov da sərdar Rəşidin söhbətindən doyub ayağa qalxdı, mənə qoşuldu, söhbət etməyə başladıq. – Doğrudan da, Şərqiniz əsrarəngiz Şərqdir, gözəl Şərqdir. Mən şairlərin, yazıçıların cənnət deyə yazdığı bir çox ölkələri gəzmişəm, lakin yazılarda, şeirlərdə tərif edilən cənnətlə həyatda gördüyüm cənnət arasında bir münasibət olmadığını təyin etmişəm. Bəzən yazıçılar kiçik bir hissiyyata qapılaraq, dünyanın nifrət etdiyi bir ölkəni cənnət yapmağı bacarmışlar. Lakin Şərq haqqındakı yazıların, şeirlərin tamamilə əksinə yazıldığını bir daha Təbrizdə təcrübədən keçirdim. Bura cənnətdən artıq sevgilər, məhəbbətlər ölkəsidir, yazıçılar isə buranı başqa şəkildə göstərmişdir. Mən çox yerlər gəzmişəm, Almaniya səfarətində attaşe müavini, isveçdə attaşelik vəzifəsini daşımışam. Peterburqda əlahəzrət imperatorun xasə alayında komandanlıq vəzifəsində bulunmuşam. Peterburqun bütün kübar ailələrinə yolum olmuşdur. Lakin Təbrizdə gördüyümü heç bir yerdə görməmişəm. Təbrizdə sevdiyimi də heç bir ölkədə, hətta bütün ömrümdə sevə bilməmişəm. Polkovnik bu sözləri deyib, düşünməyə başladı. Mən onu danışdırmaq və Mahru xanımla nə vasitə ilə tanış olduğunu öyrənmək istədiyimdən: – Sevmişsiniz? – deyə soruşdum. – Mən ömrümdə sevməmişdim, lakin sevilmişdim. Gözəl gənc idim, məni sevənləri təhqir edər və gülərdim, bu uyğunsuz hərəkətlərimə 18 yaşımdan başlamışdım. Mənə öz eşqini elan edənləri, ağlayanları yamsılardım. Peterburqda bir qızı, hətta birinci gözəl sayılan qızı bir həftədən artıq sevməz və görüşməzdim, çünki artıq başqa bir qızın məhəbbəti ilə məşğul olardım. Mən qadın və qız fikrini müvəqqəti bir fikir sayar, nədənsə onları özümdən uzaqlaşdırmağa çalışardım. Odur ki, atamın-anamın təkidinə baxmayaraq, yaşım otuz beşə varıncaya qədər evlənmədim. Mənim düşüncələrim boşa çıxdı, nəticədə mən sevdim, hətta başqalarının sevə bilmədiyi bir şiddətlə sevdim. Sanki mənim taleyim İran inqilabı kitabında yazılmışdı, sanki keçirdiyim həyat və yaşadığım mühit bir ilan olub arxama düşmüşdü, mən onun əlindən qurtarmaq üçün Şərqə qaçmalı idim. Mən Şərqə gedərkən bir canavarın qoynuna girdiyimi hiss edirdim. Lakin iş tamamilə bunun əksinə idi, gözəl Şərqin qoynuna bir canavar kimi girirdim. Mən də başqa silah arkadaşlarım kimi Şərqi əzməyə, didməyə girirdim, belə də əmr olunmuşdu: «vəhşilər mərhəmət sevməz, onlara kötək lazımdır», – deyə bizə əmr verilmişdi. Biz Şərqdə canavarlığın son dərəcəsinə qədər varıb çıxdıq: mən yoldaşların etdiyi həyasızlıqları arxada buraxıb daha artıq fənalıqlar yapdım, hətta bir köpəyin xatirinə qoca bir şərqlinin başını da dağıtdım. Polkovnik bunu deyərkən əti çimçəşdi, vücudu titrədi. Mən indi Smirnovu tanıdım. Mərənddə qatığı qabı ilə baqqalın başına vuran bu idi. – Əfv edərsiniz, – dedim. – Sevimli köpəyiniz qalırmı? – Xeyr, daha o köpək yoxdur, – deyə, o mənim üzümə baxdı və köpəyini haradan tanıdığımı soruşdu. Mən Təbrizə gəlirkən şahid olduğum səhnəni ona nəql etdim. – O köpək daha yoxdur. Sevgilim köpək sevmədiyi üçün vurub öldürdüm, – deyə polkovnik əlimi sıxdı. – Siz bir şərqli olduğunuz üçün məni əfv ediniz. Artıq mən Şərqin düşməni deyil, dostuyam! Mənim burada sevmədiyim heç bir şey yoxdur, çünki mənim sevgilim şərqlidir. Hər kəsə baxarsam, onun gözünü, onun çöhrəsini, onun varlığını görürəm, eşitdiklərim də onun səsini xatırladır. Mənçə, sevgilim də bu xüsusiyyəti daşıyır, çünki o da məni sevir. – Siz Mahru xanım ilə tanış olarkən çoxmu əziyyət çəkdiniz? – Xeyr, çox asan bir surətdə tanış olduq. Mən sərdarın yaxın tanışlarındanam, bu tanışlıq vəzifəmlə də əlaqədardı, biz cənab konsulun evində tanış olmuşuq. Biz öz silah arkadaşlarımızla, hətta onların qadınları ilə birlikdə sərdarın verdiyi ziyafətlərdə iştirak etmişik. Mən Mahrunu bir neçə kərə uzaqdan görmüşdüm, onun mənə görünmək istədiyini hiss edirdim. Günlərin birində bizim kiçik zabitlərdən Semyonovun ad günü idi, onun ziyafətində idik. Arvadı Olqa söz arasında: – Siz indi şərqlisiniz. Çünki Şərqin gözəl bir qızı sizi sevmişdir, – dedi. Mən çox təəccüb etdim və – o gözəl qız kimdir? – deyə soruşdum. – O qız sərdar Rəşidin bacısı Mahru xanımdır, – dedi. Bu sözdən mən həyəcana düşərək: – Rica edirəm, bunu bir yerdə söyləməyin, sərdar Rəşidin qulağına yetişərsə, tanışlığımıza toxunar, onun məhəbbətini itirərəm, – deyə yalvardım. Sonralar rəsm-keçidlərdə, məşqlərdə, Şahzadə bağının ətrafına toplanan Təbriz qadınlarının içərisində uzunboylu bir qız görürdüm. Nədənsə, bu qız bütün qadınlardan seçilirdi. Onu tez-tez, hətta tək halda da görürdüm. Qız sanki mənim Şahzadə bağından çıxdığım vaxtı bilirmiş, çünki həmişə qızı öz yolumun kənarında görürdüm. Mən konsulxanaya, yaxud general yaşadığı yerə gedərkən qız da mənim kölgəm kimi gah dalımca, gah da yanımca gəlirdi. Doğrusu, mən bu qızdan şübhələnirdim – bura Şərqdir, sirlərin, tilsimlərin, caduların, hiylələrin Şərqidir, deyirdim, bu qız kimdir? Bəlkə də, bu qızı çar siyasəti ilə rəqabət aparan ikinci bir dövlət öyrədib göndərmişdir? Bəlkə də, bununla dinçi Şərqdə ruslara qarşı namus və din üsyanı düzəltmək istəyirlər, – düşünürdüm ki, bu düşüncə də məni əzir və yorurdu. Düşüncə getdikcə artırdı, çünki qız çox tez-tez gözümə dəyirdi. Bu barədə heç kəsə bir söz deyə bilmirdim, qızı o tərəflərdən rədd etmək üçün heç bir vasitə tapa bilmirdim. Mən o qızı təzə ipək çarşabda görürkən qara bir kabusu görən kimi titrəyir və əqlimi şaşırırdım. O qızı uzaqdan görürkən addımlarımın sürətini artırır, ondan uzaqlaşmaq istəyirdim. Lakin qız da sürətini artırır və məni gözdən buraxmırdı. Mən dəli olmaq dərəcəsinə gəlirdim, çünki bu vəziyyət çox uzun çəkmişdi. Günlərin birində konsulxanada çağırılmış iclas çox uzun çəkdi. Mən sevinirdim, bəlkə də, qaranlıq olduğu üçün qadına «təsadüf etməyəcəyəm» – düşünürdüm. Çünki bunun əlindən qurtara biləcək bir vasitə tapa bilmirdim, hətta mən bir gün öz soldatlarım vasitəsilə qadını oğurlayıb məhv etdirmək və beləliklə də, xilas olmaq yolunu düşünürdüm. Başqa çarə yox idi, bu iş bu gün də olmasa, yarın həyata keçəcək idi. Konsulxanadan çıxdım. Heç kəsi görmədim. Şahzadə bağına qədər təsadüf etdiyim qadınların içərisində onu görməyərək sevindim. Lakin bağa yetişərkən dar bir döngədə durub məni gözlədiyini gördüm. Quruyub qaldım, nə geriyə dönmək, nə də irəli getməyi bacarmadım, onun qarşısından keçməyə məcbur idim. Geriyə dönə bilməzdim, alaydakı vəzifəmin vaxtı yaxın idi. O mənə anlamadığım bəzi sözləri deyirdi. Onun səsində də bir cadu və əfsun hiss edərək şaşırmışdım. Küçə qaranlıqlaşırdı. Azançı minarədə son sözlərini deyib bitirmək üzrə idi, cənnətə bənzəyən Şərq evləri də xam kərpicdən qayırılmış palçıq divarların çirkin qoynuna girib uyumaq istəyirdi. Şərqin dar və keçilməz küçəsində idim, qarşımdakı qaraltı axşam qaranlığına qarışaraq böyüməkdə idi. Fənər yox, lampa yox, işıq namınə bir şey varsa, o da uzaqdan görünən Şahzadə bağının fənəri idi. Mənim taleyimə gülən axşam ulduzları, bir də çarşabın altından parıldayan iki məchul və füsunkar gözdən ibarət idi. Qara çarşablı qadın yenə də bəzi sözlər deyərək, mənə yaxınlaşmağa başlarkən mən qışqıraraq qılıncımı çəkdim, onu vurmaq istədikdə onun çarşabı üzündə tutan əlləri dəhşətindən yanlarına düşdüyü üçün üzü açıldı, mən ömrümdə görmədiyim bir çöhrə gördüm. Onun iki qılınca bənzəyən qaşlarını görürkən öz qılıncımı yerinə necə taxdığımı da bilmədim. Bütün həyatımda gördüyüm gözəlləri bir anda xatırladım, lakin onlar buna, bu da onlara oxşamırdı. Onlara qarşı nifrətim, qarşımda duran əsrarəngiz qıza isə məhəbbətim artırdı. Mən indi kitablarda oxuduğum Şərq gözəlini, hərəmləri bəzəyən bu canlı zinətləri həyatda görür və ona inanırdım. Qız bir neçə söz daha dedi, məndən bir cavab almadığından qaranlığın qoynuna girərək gözümdən uzaqlaşmağa, hətta məğrur addımlarla getməyə başladı. Mən uzun bir müddət o qızı görmədim. Görünüşündən qorxduğum bu qızı bir daha görmək üçün çox gəzdim, hətta ümidim gəlməyən, Təbrizdə olduğum müddətdə gəzmədiyim küçələri də gəzib qızı axtardım, görə bilmədim. Mən onu sevməyə başlayırdım, bu duyğum get-gedə artırdı, onun çöhrəsini təxmini olsa da, xatırlayırdım, alovlu gözlərini unuda bilmirdim. Uzun bir müddət keçdi. Novruz bayramı idi, arkadaşlarımızla sərdar Rəşidin görüşünə gəldik. Paltolarımızı haman bu eyvanda asmışdıq. Gedərkən paltolarımızı geydikdə mən cibimdə bir məktub gördüm, küçədə onu açdım, məktub rusca olmadığından oxuya bilmədim. Bağa gəldikdə alayın podratçısını çağırıb məktubu oxutdum. Məktubda belə yazılmışdı: «Şərq qadınları kişilərdən qaçırsa, Qərb kişiləri qadınlardan qaçırlar. Mən sizi aylardan bəri axtarıb bir söz demək istədim, siz isə məni öldürmək istədiniz. Sevgiyə qarşı qılıncla müqabilə etdiniz. Mən sizi sevirəm. Buna müsbət cavab vermək istəsəniz, qardaşım sərdar Rəşid ilə danışmalısınız. Bizim dilimizi öyrənməyə çalışın. Yenə də sizi Şahzadə bağı ətrafında gözləyəcəm». Mən axşam yenə qıza rast gəldim. Bu gün o, üzünü açmışdı, lakin üzümə baxmağa utanırdı. Qorxusundanmı, utandığındanmı tərləmişdi, vücudu titrəyirdi. Lakin bir-birimizlə danışdıq, nə danışdığımızı anlamadıq, anladığımız bir şey varsa, o da mütəqabil sevgi varlığından ibarət idi. Ayrıldıqda o heç də qorxmadan əlini mənə uzatdı. Mən tərəddüd edirdim, qorxurdum. Onun əlini tutub sıxmaq, vidalaşmaq istərkən o, əlini dodaqlarıma doğru qaldırdı, əlini öpdüm, o da mən öpdüyüm yeri öpərək ayrıldı. Bir neçə kərə də görüşdük, mənim yaşadığım evə də gəlmişdi. Ancaq daima bircə sözü təkrar edirdi. – Nə deyirdi? – deyə mən polkovnikdən soruşdum. – Bütün tanışlığı zamanı bir kərə əlini öpmüşəm. Ondan sonra nə qədər görüşmüş, mənzilimə gəlmişsə də, əlimi əlinə almamış və sevən bir qız kimi məni yaxınına buraxmamışdı. Bircə şərti var: «Mənim sevdiyim bizim dinimizdə, adətimizdə olmalıdır». – Sizin öz fikriniz nədir? – deyə soruşdum. – Mən çox düşündüm, bundan boyun qaçırmaq istədim. Lakin yenə də qızı görərkən onun təkliflərini qəbul etməyə qərar verdim, mübarizə apara bilmədim. İndi mən xristian dinini buraxmalıyam, bu da mənim familiyamın bütün Rusiyada bədbəxtliyinə yol açır. çar qanununca dini atan hökumət tərəfindən də təqib edilər. Bu surətdə karyeram da məhv olur, böyük zəhmətlərdən sonra alay komandanı vəzifəsini ala bilmişəm. Hazırda general-leytenant namizədiyəm. Bunların hamısını itirmək mümkündür. Lakin Mahrunun sevgisi bütün bunlara qalib gəlir. Qızı hər gün görür və hər gün də təklifinə razı olduğumu söyləyirəm. Məsələni sərdar Rəşidə də açdıq. O da həmin sözləri dedi. İndisə işimiz gəlib bura çatmışdır. Bu gün məsələ bitir, sən də şərqlisən. Bir Şərq qızı üçün bütün varlığını fəda etməkdə olan polkovnikin bu dastanını gizlində saxlamalısan. İki həftə məzuniyyət almışam. Zənnimcə, bu müddət içərisində hər şeyi bitirə bilərəm. Biz hələ salona girməmişdik, iki nəfər molla gəldi, bizi də salona çağırdılar. Qadınlardan heç birini görmədim. Biz içəri girərkən sərdar bizi mollalarla tanış etdi. Polkovnik əlini döşünə qoyaraq mollalara təzim elədi. Böyük molla sərdar Rəşidə müraciətlə: – İslama müşərrəf olmaq istəyən bu ağaların hansı birisidir? – deyə soruşdu. Sərdar Rəşid əli ilə polkovniki göstərib dedi: – Bu cənabdır. Bundan sonra molla Smirnova müraciətlə: – Ağanın islama müşərrəf olmasına və dini, ayini-məhəmmədini qəbul etməsinə səbəb nədir? Mollanın dediklərini Smirnova söylədim, islam olmasının səbəblərini söylədikcə mən də mollalara tərcümə edirdim. Polkovnik əzbərlədiyi sözləri belə nəql edirdi: – İslam dininin bir çox əsas qanunları mənim xoşuma gəlirdi. Mən bu müqəddəs din haqqında çox böyük əsərlər oxumuşam. Mən xüsusən islamiyyətdə qadın məsələlərini, ailə quruluşunu sevirdim. Gecələrin birində islam dininə aid kitablardan professor Şantenenin əsərini oxuyurdum. Orada Ayırlendin islam haqqında qayət birtərəfli məqaləsini oxuduqda yenə də islam haqqındakı fikirlərim qaranlıq dumanlar içinə girdi. Gecəni çox fikirlərlə yatdım, dəhşətli bir yuxu gördüm: evin qapıları açıldı. Nurani bir kişi içəri girdi. – Allahummə səlli əla muhəmməd və ali muhəmməd, – deyə mollalar və sərdar Rəşid salavat çevirdilər. Smirnov yenə də sözünə davam etdi: – Haman nurani kişi gəlib əlini mənim döşümə çəkdi, başıma qoydu. Mən yuxudan ayıldıqda özümü çox yüngül hiss edirdim. Polkovnik bu sözü dedikdən sonra məclisdə bir daha salavat çəkdilər, polkovnik isə davam edirdi: – Həmin yuxunu gördüyüm gün əlahəzrət imperatorun Qış sarayı qarşısında rəsm-keçid olacaq idi. Bu vaxt mən alay komandanı deyildim. Rəsm-keçiddən sonra imperatorun əmrinə görə, alay komandanı rütbəsinə keçirildim. Mən bu rütbəyə çatdığımın səbəbini haman nurani simada görürəm. İslamın haqq və bütün dinlərdən müqəddəs bir din olduğuna inandım. Lakin mühit mənim bu xoşbəxtliyimə imkan vermirdi. Şərqdə keçirdiyim həyat, xüsusən bir ailə qurmaq arzum bu səadəti mənə yaxınlaşdırdı. – İslama müşərrəf olmaq istəyirsinizmi? – deyə yenə də molla soruşdu. – Zatən mən islamiyyətə daxil olmuş kimiyəm. – Bərəkallah! Maşallah! Onda, cənabınız, bu deyilən sözləri təkrar etməlisiniz, – molla bunu deyərək kəlmeyi-şəhadəti oxumağa başladı, polkovnik də onları təkrar edir, həm də öz bloknotuna qeyd edirdi. Ayin bitdi, polkovniki müsəlmanlıqla təbrik etdilər. Mən məsələnin bununla bitəcəyini zənn edirdim, lakin belə deyilmiş. İndi də polkovnikin adını dəyişəcək idilər. – Cənabın adı və atasının adı nədir? – deyə molla soruşdu. – Smirnov Aleksandr, – deyə sərdar Rəşid cavab verdi. Molla bir az düşünüb, təsbehini çıxardı, istixarə etdi və sonra: – İsmayıl vələd İsgəndər. Allah mübarək eləsin, – dedi. Bu məsələ də bitdi. Üçüncü məsələ evlənmək və kəbin kəsmək, siğə oxumaq məsələsi idi. Kəbin haqqı iki min manat rus əskinası, bir cild Qurandan ibarət olaraq qərarlaşdırıldı. Molla Mahrunu dəvət etdi, qız qara çarşabda gəlib mollaya baş əydi. Molla: – Siz Ağa İsmayıl İsgəndər oğluna ərə getməyə razısınızmı? – deyə qızdan soruşdu. Qız nişanlısının təzə adını anlayaraq başı ilə razılıq işarəsi verib getdi. Siğə oxundu. Kəbin kağızı yazıldı, mollalardan hər ikisi öz möhrünü kəbin kağızına vurdu. Polkovnik onların hər birisinə bir rus 25-liyi verdikdə hər ikisi birdən: – Xudavəndi təbarəkə və təala, – dedilər, – Ağa İsmayılın bu xeyir işini mübarək eyləsin və onu öz mehriban atası Ağa İsgəndərə çox görməsin. Xudavəndi-aləm öz görünməzindən bu cənaba dövlət – İbrahimi kəramət buyursun. Allah onun əyalına bir övladi-zikur kəramət buyurmağı ilə bizim gözümüzü aydın eləsin. Amin ya rəbbil-aləmin! Mollalar dal tərəflərini qapıya, üzlərini məclisə çevirərək, qapıya tərəf gerilədilər. Dualarını davam etdirməklə dışarı çıxdılar. «Naməhrəmlər» getdikdən sonra xanımların salona daxil olmalarına icazə verildi. Biz Mahru xanımı və onun əri Smirnovu təbrik edirdik. Smirnov dili ilə, Mahru isə başı ilə razılıq verirdi. Təbrik bitdi. Sonra da sərdar Rəşid özünün nəcib bir rus ailəsi ilə aşılandığını, mədəni bir qələbəyə nail olduğunu çox qiymətli istiqbal ümidləri içərisində qeyd edib, bacısının saçlarından öpdü. Şam yeməyi üçün zəngin bir süfrə açılmış kiçik salona keçdik. Salondakı hər bir şey Avropa üsulunu təqlid etməkdə idi. Sərdar Rəşid Avropa tərbiyəsi almış olduğu xəyalı ilə də iftixar edirdi. Şam masası, qablar, çəngəllər, bıçaqlar, əl dəsmalları yeməklər, hətta pəncərələrdəki pərdələr, divardan asılan tablolar da bir avropalının salonunu andırırdı. İraida xanım da avropalı bir həyat düzəltdiyi münasibətilə öz bacısı Ninanın yanında iftixar edirdi. Mahru xanım mənim diqqət-nəzərimi cəlb edirdi. İndiyə qədər onu dəfələrlə gördüyümə və söhbət etdiyimə baxmayaraq, ona bugünkü kimi diqqət verməmişdim. Lakin Smirnovun Mahrunu sevməsi haqqındakı bədii hekayələri və onların sevgisinin bu bədii tarixi, doğrudan da, mənim Mahru haqqındakı düşüncələrimə qəti bir təkan vurmuşdu. Hələ Qərb mədəniyyətini mənimsəməmiş, bir Şərq şəhərində örtülü gəzən bir qızın yerli adəti, yerli ənənəni, dini, məzhəbi ayaqlayaraq rus zabitini sevməsi hər bir insanı düşündürə bilərdi. Hələ mən bu sevginin belə ani bir tarixə malik olması barəsində düşünərkən, bu sevgiyə başqa bir vasitənin təkan verdiyi barəsində də şübhələnirdim. Qız bir Şərq rəssamının tablo mündərəcəsi olacaq qədər gözəldir. Üz kölgədə açılmış nestərən gülünün yarpağı qədər incə və ağdır. Üzünü qara çərçivəyə salan və qaralıqda şəvəyə rəng verən saçlar üzdəki ağlığı daha da artırır və gözəlləşdirir. Mən qıza diqqət verdikcə Smirnovun keçirtdiyi bir neçə günlük tarixin nə qədər həyəcanlı bir tarix olduğunu düşünürdüm. Qaşlar o qədər kip, o qədər qara, o qədər də qövsidir ki, insan baxanda qərbli bir rəssamın Şərqə məxsus bir gözəl qaşını tərif etdiyini düşünür. Mahrunun hər şeydən artıq cəlbedici qaşlarını nəzərdən keçirərkən iki ayparanın biri digərinə qovuşaraq tərsə çevrildiyini təsəvvürümə gətirirdim. Bu qaşlar, bu pənbə çöhrə, bu gözəllik tamamilə başqa bir irq ilə aşılanmamış Təbriz gözəlinə məxsusdur. Heç şübhə yoxdur ki, Təbriz şairi Üssar «İntizar baxışlar» mündərəcəli əsərini ancaq mənim qarşımda oturan Mahru kimi bir fövqülvəcahə gözəldən ilham alaraq yazmışdır. Onun səhər ulduzu kimi titrəyən göz bəbəklərində, doğrudan da, dərin bir intizarın dalğaları rəqs edirdi. Göz bəbəkləri sürətlə dönür, sanki arxasında duran mühüm bir nəfəri görməyə çalışırdı. Qarşımda iki qərbli, bir də şərqli qız oturmuşdur. Bunların birincisi Ninadır, onu lazımınca tanıyıram. Onu olduğu kimi öyrənmişəm. Nina burada oturan qızların yaşca gənci, gözəllikcə də birincisidir. O, xasiyyətcə daha artıq gözəldir. O, sağlam düşüncəyə, doğru mühakiməyə malikdir. Onun sevgisi olduqca mədəni və səmimidir. O, olduqca inadlı bir qızdır, onun iradəsini nə adət, nə qanun, nə ənənə poza bilməz. Nina bəzi qızlarda müşahidə edilən xüsusiyyətin əleyhinə olaraq həyatı anlamaq, sevgini tədricən yaratmaq və sevəcəyi adamı intixab etmək qabiliyyətinə malikdir. İkinci qız Ninanın bacısı İraidadır. Bu da gözəldir. Lakin bundakı xüsusiyyət qadınların bir çoxunda təsadüf ediləcək ümumi bir xüsusiyyətdir. Bu kimi qadınlar da kişini sevə bilər, lakin bu sevgiləri onların öz düşünceləri deyil, onların mənəviyyatı ilə əlaqədar olmayan xarici vasitələri doğurmuş olur, daha açığı, bu sevgini özləri deyil, başqaları yaradır. İraida xasiyyətdə qızların fikrincə, qadının tələb və ehtiyacını ödəyə bilən hər bir kişini qəbul etmək və ailə düzəltmək imkan daxilindədir. Bu əlaqə sevgi ilə təmasda bulunmayan bir xüsusiyyətin məhsuludur ki, bunun başlıca mənbəyi həyatı yanlış düşünməkdən ibarətdir. Bir kişi əldə etmək, ondan qadının ağırlığını daşımaq, zahiri ehtiyac və tələblərini ifa etmək şəraitində istifadə eləmək, özünü təmin üçün kişinin kim olduğunu bilməmək, intixab qabiliyyətinə malik olmamaq ancaq İraida kimi qadınların işidir. İraida xasiyyətində olanların fikrincə, guya sevgi və yoldaşlıq münasibəti məsələsi yalnız kişilik və qadınlıq əlaqəsi vücuda gələndən sonra doğula biləcək ikinci dərəcəli bir məsələdir ki, həyatı bunsuz da davam etdirmək mümkün olarmış. Bunların sevgiləri müvəqqəti olaraq, kişilərdən gözəl və qiymətli bir hədiyyə aldığı zamanda özünü göstərir, ikinci bir hədiyyənin əldə edilməsinə qədər sönmüş və qiymətini itirmiş olur. İraida belə bir qadın idi. Üçüncü qadın Mahru xanım idi. Bu, şərqli idi. Bunun sevgisi tamamilə başqa bir sevgi idi. Ehtiyac, məcburiyyət, kişini öyrənmək nəticəsində doğan sevgi deyildi. Bu sevgi şüursuz sevgi olduğu cəhətinə də müvəqqəti və nəticəsiz sevgidir, daha açığı, şəhvətdən doğan sevgidir. Örtülü qızlarda, cəmiyyətdə yaşamayan qızlarda elə anlar olur ki, qız hər hansı bir kişiyə təsadüf edirsə, ona sevgi bəsləməyə, onunla yaxınlaşmağa maraqlanır. Bu kimi şüursuz sevgilər, xüsusən Şərqin qadını tamamilə örtülü gəzdiyi ölkələrdə daha artıq nəzərə çarpmış olur. Örtülü qadın cəmiyyət içərisində yaşamadığından sevginin həqiqi yollarını aramaqdan və kişiləri öyrənməkdən məhrumdur. Özünə, xasiyyətinə uyğun olan bir yoldaş axtarmaq ixtiyarına malik olmayan bu qadınlar təsadüfi olaraq sevirlər ki, bu da möhkəm və həmişəlik bir sevgi ola bilmir. Belə qadınların öz rəsmi və qanuni əri ilə bir ildən artıq yaşaya bilməsi Şərq qadınlığını kişilərə təhkim edən dini izdivac qanunlarının qabalığı səbəbinədir. Şərq qadınlarının həyat və məişətinə əsaslanaraq düzələn xalq misalları da şüursuz sevginin nəticələrini aydınlaşdırmaq üçün böyük sübutdur. Məsələn, vəzirin dörd divar arasında qalan qızı qulluqçu qadının oğlu keçəli sevir, yaxud padşahın qızı naxırçıya qoşulub qaçır və sair bu kimi məsəllər sevginin sinif tanımadığını isbata çalışsa da, yenə bunlar örtülülükdən doğan şüursuz sevginin şahidləridir. Heç şübhə yoxdur ki, onları bir-birinə bağlayan ailə həyatının mənəvi xüsusiyyətləri deyil, şəhvətin təşviqidir. Hazırda romanını kitabdan deyil, həyatdan oxuduğumuz Mahru xanım həmin şüursuz sevginin qəhrəmanlarındandır, çünki o, sevdiyi, ərə getdiyi polkovnikdə, fəqət bir kişilik hiss edir, daha başqa bir şey görmür. Nə kimliyi məlum, nə istiqbalı bəlli, nə də həyatı müəyyən bir həyatdır. Bu gün Təbrizdə, sabah isə harada olacağı bəlli deyildir. Mahru bununla gəzməmiş, dilini bilmədiyi üçün danışmamış, ilk dəfə görmüş və sevmişdir. Şərq qızlarının sevgiləri yuxarıdan göstərilən sevginin eyni deməkdir. Mən bunları düşündükdən sonra öz-özümə: «Bunlar birlikdə yaşamayacaqdır!» – dedim. Hər kəs yeyir, içir, danışırdı. Mən düşünürdüm, məni fikir yormuşdu. Nina tələsirdi, o, Məciddən nigaran idi. Məcid onu gözləyəcək və onsuz da uyumayacaqdı. Süfrə qaldırıldı, bir azdan sonra sərdar Rəşidin nökəri içəri girərək: – Cənab sərdar, o gəlmişdir! – deyə xəbər verdi. Sərdar: – Çox pakizə, aparın o biri otağa, – deyə əmr edib qalxdı, polkovnikə işarə elədi. Onun rəngi ağardı, o, qonaqlarla görüşdü. Mahru ilə vidalaşdı, sonra sərdar Rəşidin izi ilə o biri otağa getdi. Mahru xanım isə başqa bir otağa getmişdi. Mən onların həmin otağa nə üçün getdiklərini bilmirdim. Bir azdan sonra otaqdan: – Ax, boje moy! – deyə bir bağırtı eşidildi. Bu səs polkovnikin səsi idi. Mən şaşırdım, bir hadisə üz verdiyini zənn edərək heyrətlə İraidanın üzünə baxdım, İraida isə gülərək: – Maraq etməyə dəyməz. Polkovniki sünnət etdilər. Adətləri belədir, – dedi. * * * Şəbnamə №3 Mən hələ nahar etməmişdim. Rus-İran məktəbindən yenicə gəlmişdim. Təbrizdə hökm sürən həyəcanlı şayiələri müzakirə etmək üçün oraya yığılmışdıq. Ruslar, ingilislər Məhəmmədəlinin taxta sahib olması qalibiyyəti haqqında cürbəcür şayiələr buraxırdı. Sabiq şahın hərəkətlərinə dair xəbərləri olduqca gizlin saxlayırdılar, konsulxanalarda belə lazımi xəbərlər yox idi. Yenicə yıxanıb üzümü silirdim ki, miss Hannanın xidmətçisi kiçik bir məktub gətirdi: «Səni təcili bir surətdə gözləyirəm. Bir dəqiqə təxir etmədən gəlməlisən. Hanna». Mən onda mühüm bir xəbər olduğuna inandım, paltarımı düzəldərək onun yanına getdim. Bu gün amerikalı qız olduqca şad və oynaq görünürdü, o, istər özünü, istərsə otaqlarını sanki ətirlər içərisində çimdirmişdi. Qız məni görürkən: – Amerikanın məhəbbəti, Amerikanın diqqət-nəzəri hansı tərəfdə olursa, o tərəf qalib çıxacaqdır! Amerika İran istiqlaliyyəti tərəfdarıdır. Amerika İranda müstəmləkə siyasəti aparanlara düşməndir, – dedi. – Doğrudur, hökumətlər arasındakı rəqabət də bunu tələb edir, – dedim. – Yox, – deyə qız cavab verdi. – Amerika üsul-idarəsi millətlərin azadlığını tələb etməkdədir. – Mən sizi dinləyirəm, məktubunuz çox qısa idi, – deyə cavab gözləməyə başladım. Miss Hanna adəti üzrə saçlarımı oxşayaraq: – Sizə məktubu nə qədər uzun yazsaydım, o qədər də siz bura təxirlə gələcək idiniz. İndi dinlə, – dedi. – Məhəmmədəli tamamilə məğlub olmuşdur. Bu gün konsulxanaya rəsmi xəbərlər gəlmişdir. Tehranın təlimatı bu xəbərlərin intişarını tələb edir. Yerli qəzetlərin müdirləri çağırılmışdır. Onlar rus konsulunun icazəsi olmadan bu xəbərlərin intişarından boyun qaçırdılar. «Savə» və «Bırocırd» yanında vuruşan və Məhəmmədəlinin ümid bağladığı son və əsas qüvvələr tamamilə məğlub olmuşdur. Məhəmmədəlinin özü isə Rusiyaya qaçmışdır. Qızın bu xəbəri məni çox sevindirdi. Naharı necə yediyimi bilməyərək tez qalxdım. Amerikalı qız mane oldusa da, «axşam gələcəyəm», deyə yaxamı qurtarıb çıxdım. Ninanı görmək və onun vasitəsilə rus konsulxanasındakı xəbərləri öyrənmək lazım idi. O, evdə idi, xəbərin çox gec alındığını və Amerika konsulxanasındakı rus casusunun bu xəbəri konsulxanaya gətirdiyini xəbər verdi. Ninanın dediyinə görə, rus konsulu bütün yerli qəzetlərə təsir yetirməklə bu xəbərin dərc olunmamasını tapşırmışdır. – Eyib etməz, – dedim, – biz dərc edərik, hamı da oxuyar. Ninanın evindən çıxıb, yenə də Rus-İran məktəbinə qayıtdım. Əkbər Əkbərov ilə görüşdüm, şəbnamənin mündərəcəsini özümüz düzəltdik, onları yapışdırmaq üçün də lazım olan sifarişləri verib dışarı çıxdım. Mən Məşədi Kazım ağanın hücrəsinə (kontoruna) gəldikdə yenə də Amerika malları almaq üçün toplanmış tacirləri orada gördüm. Məşədi Kazım ağaya gəldikdə malların üstünə bir neçə qat gəlməsinə baxmayaraq, yenə də əlindən buraxmaq istəmirdi. Mən onun qulağına: – Məhəmmədəli məğlub olub Rusiyaya qaçmışdır, – deyə pıçıldadım, – malları bu gün satmalısan, özü də nəqd pula satmalısan. Sabah şəbnamə çıxacaqdır. Məşədi Kazım ağa bu sözdən heç vüqarını pozmayaraq, yenə də tacirlər ilə çənələşməyə başladı. Axşamçağı bütün işlərimi bitirib Məşədi Kazım ağanın kontoruna qayıtdıqda onun bütün malları Amerika dolları, ingilis funtu və İran gümüş parasına satdığını gördüm. Pullar sayılıb bağlandıqda Məşədi Kazım: – Bu ticarətdən inqilabın payına beş yüz min tümən düşür. Harada saxlamaq, hara sərf etmək işi sizin ixtiyarınızdadır, – dedi. – Özünüz saxlayınız. Lazım olduqda siz sərf etməlisiniz, – dedim. Sonra yeni şəbnamənin mətnini çıxardıb ona oxudum: Şəbnamə №3 «Aylardan bəri İran əks-inqilabını idarə edən İngiltərə-Rusiya dövlətləri öz xəyanətlərində məğlub oldular. Məhəmmədəlinin paytaxt üzərinə olan hücumu nəticəsiz qaldı. Yefrem və sərdar Bəhadırın komandası altında olan məşrutə ordusu Məhəmmədəlini tamamilə məğlub etdi. Məhəmmədəli Batağay və Bırocırd yanındakı müharibədə əzildi. Məhəmmədəli yenə də Rusiyaya qaçmışdır. Rusiya və İngiltərənin bu xəyanəti Kaspi dəryası sahilindən başlayaraq Mərkəzi İrana qədər bütün ölkəni soydurdu. Şahsevənlər, türkmənlər kəndlilərin var-yoxunu qarət edib apardı. İngilislər və ruslar bununla da bütün İran kəndli və yoxsullarının nifrətini qazanmışdır. Hər iki müstəməlkəçi dövlətin hiylələri, iç üzləri bəlli oldu, iranlılar öz dostunu və düşmənini tanıdı. Təbriz camaatı rus və ingilis müstəmləkəçilərinə qarşı mübarizədə yenə birinci rolu oynamalıdır, İran xalqı öz inqilabi fəaliyyətinə arxalanmalıdır. Müstəmləkəçilərin əlində alət olan anqlofil, russofillərlə də mübarizə aparmalıdır. Təbriz camaatı, oxuyun, İngiltərə xariciyyə nazirinin İran haqqında verdiyi məlumatı eşidin: «İran haqqında İngiltərə və Rusiya dövlətləri sözbirdir. İran bu iki hökumətin mənafeyini tanımağa məcburdur». Bununla da İran istiqlaldan əl çəkib Misir, Mərakeş, Tunis kimi müstəmləkələrin şəklinə düşməlidir. Təbrizlilər! Bu günlər yuxarıda göstərilən hökumətlər yeni xəyanətə hazırlaşır, İran maliyyəsini düzəltmək üçün gəlmiş amerikalı Morqan Şosterin İrandan çıxarılmasını tələb edirlər. Onlar İrana ultimatum verməyə hazırlaşırlar. İran hökuməti bu iki hökumətdən icazə almadan xaricdən müşavirlər çağırmağa haqlı deyildir. Təbriz camaatı! Bunların hamısı göstərir ki, mübarizə hələ bitməmişdir. Yenə də çarpışmaq, yenə inqilab səngərlərinə dolmaq lazım gələcəkdir». * * * Çar konsulunun yeni xəyanəti Bu gün miss Hannanın Payan kəndinə gedəcəyini bilirdim, o bunu bir gün əvvəl mənə xəbər vermişdi; qız mənimlə bərabər getməyi arzu edərək məktubunda təkid göstərmişdi. Mən özüm də bu səfərdən maraqlanırdım, bu son günlərdə İngiltərə və Rusiya dövlətləri İranda yeni hadisələr yaratmaqda və Morqan Şosterin qovulması üçün ciddi surətdə çalışmaqda idi. Morqan Şosterin müstəqil işləməsi, İranı müstəqil bir hökumət kimi tanıyaraq Rusiya-İngiltərə mənafeyini nəzərə almadan iş görməsi onları narahat edirdi. Mühüm bir zamanda Süpəhdar ilə Sərdar Əsəd arasında da sədrəzəm üstündə mübarizə davam edirdi, bunlar sədrəzəmliyi öz aralarında növbətə qoymuşdular. Biz Amerikanın Morqan Şosterin haqqındakı fikrini bilməyə tələsirdik, buna görə də mən miss Hanna ilə tez-tez görüşürdüm. Amerikanın Morqanı müdafiə edib-etməyəcəyi bəlli deyildi. Miss Hanna ilə sıxı görüşmələrim bir məhəbbətin səmimiləşməsi kimi mənə edildiyindən amerikalı qız öz şadlığını gizlədə bilmirdi. Mən içəri girərkən miss Hanna qapalı pəncərənin qarşısında durub eyvanın sütunlarına bağlanmış meyvə ağaclarının hərəkətinə baxırdı. Külək əsdikcə ağaclar hərəkət edir, budaqlarından asılan payız hulusu və sarı heyvalar sanki qıza salam verirdi. Yanaqları qızarmış və bir qız kimi oynaq hərəkətdə bulunan «səlami»lər mələçi armudun pənbə və nimrəng yanaqlarından öpdükdə, o, utanaraq yarpağı üzünə pərdə çəkirdi. Uzun bir eşqin və əzici bir sevdanın əsiri olan heyva da onları qısqanaraq özünü eyvanın sütunlarına vurub məhv edirdi. İçəri girdik. Səhər yeməyi bitdikdən sonra miss Hanna isti paltarını geyindi, fayton da qapıda durub gözləyirdi. Mən qızın Payan kəndindəki Amerika cəmiyyəti xeyriyyəsi işini yoxlamağa getdiyini zənn etmişdim. Lakin məsələ belə deyildi, qızın bu səfəri tam mənası ilə başqa bir məqsəd daşıyırdı. Faytonumuz yola düşdükdə qız redikülündən bir paket çıxardı. Paketdəki məktubun həm farscası, həm də ingiliscə tərcüməsi var idi. Məktubu Təbriz müctəhidi Mirzə Həsən ağa Amerika konsulxanasına yazmışdı. «Amerikalılar mənim mülküm olan Payan kəndində mülk sahibinin icazəsi olmadan bir çox işlərə müdaxilə edirlər. Bunsuz da amerikalıların İranda başıpozuqluğu, hər işə istədikləri kimi müdaxilə etməsi, müstəqil iş görmələri İran xalqının həyəcanına səbəb olmuşdur. Payan kəndində uşaqların sahiblərindən alınıb Amerikaya göndərilməsi, onların xaçpərəst qanununca tərbiyə edilməsi işlərinə mən bir din rəhbəri olmaq münasibəti ilə, soyuqqanlılıqla baxa bilmərəm. Buna görə də amerikalıların bu gündən etibarən Payan kəndindən çıxmasını tələb edirəm. Əks surətdə mən amerikalıların hərəkətini İranın daxili işlərinə müdaxiləsi kimi mənə etdiyimdən böyük dövlətlərin nümayəndələrinə müraciət edəcəyəm. Mirzə Həsən». Miss Hanna məktubu oxuduqdan sonra məni dərin fikir götürmüşdü. Amerikalılar Payan kəndindən yığışdığı təqdirdə bizim silahlar da qorxu altında qalacaq, silahları başqa bir yerə köçürmək lazım gələcək idi. Bu isə heç vəchlə mümkün deyildi, ruslar bizə göz verib işıq verməyəcəkdi. Onlar yerlilərin hərəm odalarına qədər soxulub silah tələb edirdilər. Mən bu fikirdə ikən miss Hanna: – Nə yapacaqsan? – deyə ümidsiz halda sordu. – Bura rus müstəmləkəsidir. Rus konsulunun tələbi budur. Ruslar hər şeyi bizdən bilirlər. Şəbnamələri çıxaranlar da sanki amerikalılar imiş, Amerikadan göndərilmiş kisədə tapılan şəbnamələr rus konsulunun əlində böyük bir bəhanə olmuşdur. Rus və ingilis konsulxanaları şəbnamələrdən Amerikanın xəbəri olmadığını bilsə də, bu qiymətli bəhanədən əl çəkmək istəmir, buna görə də Amerikanın Azərbaycandakı müəssisələrini sıxışdırmaq istəyirlər. Eybi nədir? Biz də Mirzə Həsənin təklifini qəbul etdik. İşimizi yığışdırmaq üçün iki həftə möhlət almışıq, indi isə uşaq qəbulunu dayandırmaq əmrini vermək üçün gedirəm. – Amerika hökuməti bu barədə bir təşəbbüsdə buluna bilməzmi? – deyə qızdan soruşdum. – Buna Tehran və yaxud Vaşinqton bir təsir göstərə bilməzmi? – Məsələ Payan kəndi məsələsi deyildir. Məsələ İngiltərə-Amerika, Rusiya-Amerika rəqabəti məsələsidir, məsələ Morqan Şoster məsələsidir. Hər iki hökumət bunu çəkə bilmir. Rusların Azərbaycanda öz evi kimi hərəkət etməsinə də İngiltərə səbəbdir. İngilislər bir çox səbəblərə görə İranın azadlığı əleyhinə olaraq açıqdan-açığa hərəkət edə bilməzlər. İngiltərədə proletariat etiraz edir və liberal müxalifətçilərin bəziləri də Orta Asiya siyasəti xətt-hərəkətinin dəyişilməsi tərəfdarıdır. İngiltərə İslam Şərqində öz nüfuzunu itirməyə çalışır, İran istiqlalına hüsn-rəğbət bəsləyən 70 milyonluq hind müsəlmanları da nəzərdə tutulur. Xüsusən İranda Rusiya və İngiltərə siyasətinin törətdiyi hərc-mərclik nəticəsində İngiltərənin ticarət kapitalı ağır zərərlər çəkir. «Linc» firması olduqca böyük zərərlər çəkmişdir, firma nümayəndələri istər parlamanda, istərsə parlaman xaricində söylədiyi nitqlərində, İngiltərə xariciyyə naziri əleyhinə çıxışda bulunmuş və onun İrandakı siyasətini tənqid etmişlər. Bundan başqa, Mançester və sair ticarət palataları da Qərbin siyasəti əleyhinə çıxışda bulunmuşlar. Belə şərait nəticəsində İngiltərə açıq hərəkətdə bulunmayaraq, rus süngüsündən istifadə edir, öz sözünü rus orduları vasitəsilə qəbul etdirməyə çalışır. Amerika hökuməti də bunu bilməmiş deyildir, ola bilər ki, Morqan Şoster də geri çağırılsın, zənnimcə, Amerika bu məsələni böyütmək istəməyəcəkdir. Faytonumuz yenə də iydə ağaclarınını kölgəsi ilə örtülmüş çalaçuxur yollarla gedirdi. Payız küləyi şiddətli bir surətdə əsirdi. İydə ağaclarının saralmış yarpaqları miss Hannanın ağ dəridən tikilmiş yaxalığının üstünə düşməkdə idi. Qız küləkdən qorunmaq üçün mənə qısılmışdı: – Sizə də soyuqdur, – deyə əlimi əlinə alır və düşünürdü. Bir azdan sonra düşüncədən ayrılaraq mənə müraciətlə: – Ticarətiniz nə yoldadır? Özünüzü idarə edə bilirmisiniz? – deyə soruşdu. – Nə üçün, fəna deyildir, – deyə cavab verdim. – Cavahirçilik ticarəti təmiz bir ticarət olsa da, bununla kapitalist olmaq mümkün deyildir. – Nə üçün? – deyə sordum. – Çünki cavahir ticarəti kütlələrin ən az bir hissəsini əhatə edə bilər, onun istismar dairəsi çox dardır. Siz istəsəydiniz, mən sizə böyük bir para qazandırardım, az vaxt içərisində böyük bir sərvət əldə etmiş olardınız. – Nə vasitə ilə? – Amerikalılar müvəqqəti olaraq İrandakı ticarətlərini dayandırmağa məcburdurlar. Bütün müəssisələrin ticarəti dayandırması üçün Nyu-York və Vaşinqtondan təlimat vardır. – Bunun səbəbi nədir? – Ticarət karvanlarını mühafizə üçün silahlı qoşun dəstələri lazımdır. Şimalda Rusiya, cənubda ingilis ticarət karvanlarını müdafiə üçün məzkur dövlətlərin silahlı qoşunları vardır. Lakin Amerika tacirləri üçün bu, mümkün deyildir. Yollarda qarət olunan malları da biz, başqa dövlətlər kimi, İran dövlətinin hesabına yaza bilmərik. Ticarət mallarımız rus-ingilis qoşun dəstələrinin gözü qarşısında qarət edilsə də, onlar yardım vermirlər, onlar Amerika mənafeyini müdafiə etməyi öz hökumətlərinə qarşı bir xəyanət hesab edirlər. Bunları nəzərə alaraq, ticarət müəssisələri ticarəti yığışdırmalıdır. Amerika müəssisələrinin əlində bir çox mal vardır ki, bunları nə alman, nə Rusiya, nə də ingilis ticarət müəssisələrində ələ gətirmək mümkün deyildir. Siz Amerika mallarını alıb öz əlində saxlasanız, bir aydan sonra siz milyon sahibi ola bilərsiniz. – Çox razıyam, cavahir ticarəti təmiz ticarətdir, lakin bunu da sevirəm, – deyə yenə də Məşədi Kazım ağanı xatırladım. * * * Çarın ultimatumu Bu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi. Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi. Əmir Heşmətin özü də çox gec gəldi. Onun gəlməsi ilə bizim iclasa qoyacağımız məsələnin şəkli tamamilə dəyişdi, çar ultimatumu əvəzinə Təbriz məsələsini müzakirəyə qoyduq. Söz Əmir Heşmətə verildi. – Vəziyyət ağırdır, – dedi, – rus konsulu ilə Müxbirüssəltənənin arasındakı ixtilaf get-gedə böyüməkdədir. Müxbirüssəltənə rusların İranda öz evləri kimi hərəkət etməsinə qarşı bir iş görə bilmir. Onun bütün etirazları nəticəsiz qalır. İki gün əvvəl telefon postunda duran iki nəzmiyyə nəfərini ruslar tərksilah etmişlər. Hökumət rəsmi olaraq etiraz etdi, silahların qaytarılmasını və müqəssirlərin cəzalandırılmasını tələb etdisə də, rus konsulu «əhalinin rahatı, şəhərin salamətliyi üçün hərbi idarələr tərəfindən tapşırılan bu kimi işlərə məhəlli və mülki idarələrin müdaxilə etməsi əsgəri qanunlara müğayirdır» deyə cavab verdi. Dünən nəzmiyyə idarəsindəki bütün telefon xətlərini rus hərbiyyə idarələri zəbt etmişlər. Nəzmiyyənin böyük bir şəhəri idarə etməsi üçün heç bir rabitə vasitəsi qalmamışdır. Müxbirüssəltənənin etirazına cavab olaraq yenə də rus konsulu: «Şəhərdə İngiltərə kralı və əlahəzrət Rusiya imperatorunu təhqir edə biləcək gizli intibahnamələr nəşr edilərək, əhali üsyana dəvət edildiyi bir zamanda Təbriz nəzmiyyəsi heç bir iş görə bilmədi. İmperator hökuməti konsulxanasının fikrinə görə, nəzmiyyənin tərskilah edilməsi vaxtı çoxdan yetişmişdir. «Təbriz mülkiyyə idarələri və Təbriz əhalisi məhəlli nəzmiyyə təşkilatları olmadan belə çar ordusunun himayəsi altında yaşayar və öz işini apara bilər» sözlərini təkrar etmişdir. Çar konsulunun bu sözlərindən sonra Müxbirüssəltənə Tehran ilə müzakirə aparır və Təbrizi buraxmağa qərar verir. Rusların da siyasəti Müxbirüssəltənəni Təbrizdən çıxarıb qovmaqdan ibarətdir. İclas uzun çəkdi. Əmir Heşmət sözünü bitirdikdən sonra fikirlər bir neçə yerə bölündü: Əmir Heşmət, onun qardaşları, Məşədi ağa, Mirzə Məhəmməd Süheyli və sairələri müsəlləh mübarizəyə qalxmaq tərəfdarı idilər. Mən və yanımda bir neçə nəfər buna səs verə bilmədik. Çünki silahlı mübarizənin fəna nəticələrini görmüş olacaqdıq. – Düşünmək lazımdır, – dedim, – ruslar nəzmiyyəni tərksilah etmək cürətində bulunmazlar. Belə bir iş olsa, onda başqa cür hərəkət etməyə ixtiyarımız vardır. İranın işğalı üçün rusların əlinə bəhanə verməməliyik. – Ruslar o bəhanə olmadan belə Şimali və Şərqi İranı işğal edəcəkdir, – deyə Ağa Əli sözə başladı. – Biz nəzmiyyəni təslim etməyəcəyik! Qoy çar hökuməti bilsin ki, inqilabçı Təbriz tamamilə ölməmişdir. Mən böyük bir əksəriyyətə qarşı aciz idim, iclasdakıların müqavimətini, inadını sındırmaq mümkün deyildi. Gələcəkdə böyük hadisələr doğura biləcək bu düşüncələrin qarşısını ala bilməyəcəyimiz şübhəsiz idi. Əmir Heşmət coşmuşdu: – Mən bir daha taleyimi sınayacağam. Bircə günün içərisində bütün Təbrizdəki çar qüvvələrini məhv edəcəyəm. Qoy bu hadisə çar konsulunun qulağında bir sırğa olub qalsın. Mən bu gün Şərqin böyük bir cahangirə qarşı müsəlləh üsyan yarada biləcək qabiliyyətinə malik olduğunu həm ingilis, həm də çar cahangirlərinə isbat edəcəyəm. İclasdakılar durub onun ağzından öpdükdə mən çıxış yolu tapa bilməyəcəyimi yəqin etdim. Ona görə də iclasa müraciətlə dedim: – İndi ki, siz özünüzü böyük bir məsuliyyət qarşısında qoymağa tələsirsiniz, indi ki, hadisənin gələcək nəticələri ilə hesablaşmaq istəmirsiniz, o halda bu gündən etibarən inqilabda rəhbərlik etmiş və tanınmış şəxslərin hamısının Təbrizi buraxması və ailəsini başqa bir tərəfə köçürməsi lazımdır, çünki ruslar bu qanlı üsyan nəticəsində mütləq Təbrizdən intiqam alacaqlar. Mənim sözlərimi eşidin, mən Təbriz inqilabı rəhbərlərinin məhv edilməsinə, dar ağaclarına çəkilməsinə səs verə bilmirəm. Təbrizdən köçməlisiniz. Mən Əmir Heşmətin başıpozuqluğunu, təşkilatla işləməyi sevməyən bir adam olduğunu bilirəm. Bunu Culfada da danışmışıq, bunu Səttar Zeynalabdinov da özünə demişdir. Buna görə də mən bir şey tələb edirəm: Əmir Heşmət özünü və nəzmiyyəni əksəriyyət qazanmış fikrin ixtiyarına verməlidir. Özbaşına iş görməməlidir. Silahlı üsyan olacaqsa, mütəşəkkil bir surətdə olmalıdır. Belə olursa, tələfatımız da çox olmaz zənnindəyəm. Mənim sözlərimdən sonra Əmir Heşmət durub əllərimi sıxdı, üzümdən öpərək dedi: – Əksəriyyətə tabe olacağam. Buna söz verirəm. Onu da deyirəm ki, silahlı üsyan olmadan belə, Müxbirüssəltənə gedər-getməz Səməd xan hökumət başına gələcəkdir. Onda yenə də dar ağacları qurulacaqdır. İndi ki, beladir, qoy Təbriz bir daha öz qüvvətini cahangirə bildirsin. Mən etiraz edərək: – Konsulxananı öyrənəcəyəm, hərgah bütün burada göstərilən həyasızlığın həyata keçirilməsi təşəbbüsləri doğru isə, o zaman üsyanı nə cürə təşkil etmək barəsində bir daha düşünərik, – dedim. * * * Mən indiyə qədər Ninanı bu vəziyyətdə görməmişdim, onun bütün varlığı bir həyəcandan ibarət idi. O, işdən yenicə gəlmiş, yuyunmamış, paltarlarını dəyişməmişdi. Mən içəri girərkən Təhminə xanımı mənim dalımca göndərmək istədiyini gördüm. O, hələ mənimlə danışmadan qabaq Təhminə xanıma müraciətlə: – Rica edirəm, Məcidi götür qızların yanına apar, – dedi. Məcid ilə Təhminə xanım getdi. Nina olduqca kədərli və qəmgin bir surətdə əlimi tutaraq dedi: – Vicdansızlar içərisində olaraq vicdanla çalışmaqdan çətin iş yoxdur. Bu gün öz həyatımdan tamamilə iyrəndim, – deyərək ağlamaq istədi. – Nə olmuşdur? – deyə soruşdum. – Çar konsulu böyük bir həyasızlıq etmək istəyir. Tehranda çar ultimatumu çox təsir bağışlamışdır. Çar səfarəti qarşısında etiraz nümayişi düzəlmişdir. Bu hərəkatın genişlənməməsi üçün Təbrizdə cəza qanunları tətbiq etmək və bəzi inzibati təşəbbüslərdə bulunmağa hazırlanırlar. Nina susdu. Hər ikimiz düşünürdük. Nəhayət, Nina sükutu pozaraq: – Şərqin özü öz qeydinə qalmalıdır, – dedi. – Çar konsulunun bütün hərəkəti mənim dediklərimi isbat etdi. Bu hal silahlı üsyanı məsləhət görür, kütlələrin qiyamını tələb edir, çünki silahsız və acizlərin haqqında mərhəmət sözünü tətbiq etmək yaramaz. Konsul deyir ki, Səttar xanın üsyanı təbrizlilərin əxlaqını pozmuşdur. Onların başından müstəmləkə xalqına yaraşmayan fikirlər hələ çıxmamışdır. Bu çürük fikri onların başından çıxarmaq üçün Abşeron alayının süngüləri lazımdır. Onun fikrincə, müstəmləkə xalqı mərhəmət sevmir və zülmə tabe olan bir xalqdırlar, bunu onların əxlaq və təbiəti də tələb edir. Mədəniyyətsiz və vəhşi xalqlara hörmət etdikdə ondan qorxurlarmış kimi hərəkət edirlər. Buna görə də Şərq xalqlarına mərhəmət göstərmək çar siyasətinə daxil deyildir. Təbrizdən silahları yığmaq, hökumətə məxsus hərbi şeylərin qalğısını zəbt etmək, nəzmiyyəni tərksilah edərək buraxmaq və sair bu kimi məsələlər üçün layihələr hazırlanmaqdadır. Məsələ aydın idi. Əmir Heşmət deyənlər doğru çıxdı, başımızın çarəsini tapmalı idik. Naharı Nina ilə birlikdə yedik. Oradan çıxıb Rus–İran məktəbinə getdim, Əkbər Əkbərov yoldaş da Əmir Heşmətin fikrini təsdiq etdi, müsəlləh üsyandan başqa çarə olmadığını söylədi. Mən çox çapaladım, çox fikirləşdimsə də, bir çarə tapmadım. Qəti fikrimi axşam iclasında deyəcək idim. * * * Miss Hannanın ad günü İclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim. 1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq. 2-ci – hazırkı nəzmiyyənin tərkibində əski nəzmiyyədən qalmışları sabahdan etibarən xidmətindən çıxarıb silahlarını almaq, yerlərinə mücahidləri qəbul etmək. 3-cü – dörd yüz nəfər nəzmiyyə əfradı üçün dörd yüz at və yəhər-əsbab almaq. 4-cü – bütün inqilab rəhbərləri ailəsi ilə bərabər Təbrizdən çıxmalıdır. Çünki rəhbərlərin Təbrizdə qalması, onların ruslar tərəfindən asılması Təbriz xalqının inqilabi ruhunu tamamilə boğmuş olacaqdır. 5-ci – rus ordusu yerləşən yerləri nəzərdən keçirmək, üsyan hərəkatının harada və nə cür başlanmasını təyin etmək üçün bir komissiya düzəltmək lazımdır. 6-cı – səfərbərliyə alınanların siyahısını tutmaq, onların ehtiyacını təmin etmək, nə qədər məsarif lazım olduğunu bəlli etmək, onlar ilə təkbətək danışıb fikirlərini öyrənmək. 7-ci – səfərbərliyə alınanları xırda dəstələrə ayırıb onlarla şəhərin uzaq və müxtəlif cəhətlərində təlim keçmək, hərəkət məntəqələri ilə tanış etmək və silahla nə cür rəftar etmələrini müayinə etmək. 8-ci – silahların qalan hissəsini isə möhkəm bir yerdə gizlətmək. Planın maddələri bir səslə qəbul edildi və müəyyən maddələr üzrə komissiyalar seçilib tapşırıqlar verildi. İclasdan Məşədi Kazım ağa ilə bərabər çıxdım. Miss Hannanın ad günü olduğunu və ziyafətə dəvət olunduğumu söyləyərək şam yeməyinə gəlməyəcəyimi xəbər verdim. – Qıza nə hədiyyə aparırsan? – deyə Məşədi Kazım soruşdu. – Heç bir şey. Vaxtım yoxdur, – dedikdə Məşədi Kazım etiraz etdi: – Yox, yaramaz. Bir şey aparmalısan. O bizə milyon tümən qazanc vermişdir. Onun da bizim bu mübarizəmizdə haqqı vardır. Evə dönək, onun üçün dəyərli bir hədiyyə götürün. – Mümkün deyil, Ninaya təsadüf edəcəyimdən qorxuram, – dedim. – Gəl, Nina xanım hələ gəlməz, – deyə Məşədi Kazım ağa məni evə qaytardı. Məşədi Kazım ağa almazlarla bəzənmiş altun bir qutu gətirdi, qutunun içərisində xırda brilyantlardan düzülmüş bir qızbaşı vardı. – Aparın! Bu, qızın zəhmət haqqıdır. O bizə yenə də lazım olacaqdır, – deyə güldü, mən də: – Doğrusu, mən bu hədiyyəni amerikalı qıza vermək üçün xəsislik göstərirəm, – dedim. Hər halda, bunu vermək lazım idi, onların himayəsindəki silahların xatirinə olsa belə, bu, lazım idi. Silahları bunların vasitəsilə gətirəcəyimizi düşünürdüm. Məşədi Kazım ağa ilə bərabər çıxdıq. Düz-doğru Həkkakbaşının evinə gəldik. Hədiyyənin üzərində miss Hannanın adını yazdırmaq istədik. Həkkakbaşı evdə idi, bizi kamal-məmnuniyyətlə qəbul etdi. Qutunun üstündə bu sözləri yazdırdım: «Qiymətli dostuma kiçik bir hədiyyəm». Mən ziyafətə hamıdan sonra gəlmişdim, qonaqlar mənim yolumu gözləyirmiş, onların hamısı məni miss Hannadan öyrənmiş, xüsusən mənim miss Hannaya olmazın hörmətlər etdiyimi eşidib mənim ilə görüşməyə maraqlanırdı. Mən içəri girdikdə amerikalı qonaqlar iranlılar kimi ayağa qalxdı, əvvəlcə miss Hanna məni salondakılara təqdim edərək dedi: – Haqqında sizə dəfələrlə danışdığım, uğrumda fədakarlıq göstərmiş və bütün səfərimdə məni əyləndirmiş, hər kəsin sevdiyi, xüsusən mənim səmimi hörmət bəslədiyim Əbülhəsən bəydir. Qonaqlar da özlərini birər-birər təqdim edərək tanış olduq. Əvvəlcə konsulun arvadı madam Mariya ilə tanış olduq. Konsulun özü xəstə olduğundan bu ziyafətdə iştirak edə bilməmişdi, o, məktub və hədiyyələr göndərmişdi. Konsulxananın baş katibi Mister Frikson və onun gənc arvadı Sara xanım ilə tanış olduq. Beləliklə, bütün qonaqlarla bir-bir tanış oldum. Bir tərəfimdə miss Hanna, digər tərəfimdə isə konsulun xanımı madam Mariya oturmuşdu. Hədiyyələr gözdən keçirildi, mən verən hədiyyənin əvvəlcə qiymətli olan qutusu gözdən keçirildi, içində nə olduğundan xəbərləri olmayan qonaqlar qutunun üzərindəki daşları ölçür və təxmini də olsa, onun karatlarını hesablayırdılar, lakin qutu açıldıqda, daşlardan düzülmüş qızbaşı çıxdıqda mister Frikson Hannaya müraciətlə: – Cavahir satan dostunuz sizə Fransada düzəlmiş ən qiymətli bir hədiyyə gətirmişdir. Siz indi zənginsiniz, hədiyyənin qiyməti 15 min dollardan əskik deyildir. Sizi gözəl, mədəni və gənc bir Şərq taciri ilə tanış olmaq münasibətilə də təbrik etməliyəm, – dedi. Sevgi ilə sevinc bir yerə qarışdığından miss Hanna necə oturub, necə duracağını bilmirdi. Söhbətlər yarım saatdan uzun çəkdi, ancaq bu danışılan sözlərin çoxu miss Hannanın hədiyyəsi üzərində idi. Miss Hanna mənimlə tanış olduğu zamandan bəri əldə etdiyi bütün hədiyyələrini qonaqlara göstərirdi. O, əvvəlcə Səttar Zeynalabdinovun verdiyi qiymətli incini və Ələkbər yoldaşın arvadının hədiyyə etdiyi qiymətli şalı, Livarcan xanının hədiyyə verdiyi firuzə iynədən, cavahirli üskük, fil sümüyündən qayrılmış milçəni və sairələri göstərdi, sonra Ələkbər yoldaşın mənim adıma olaraq ona bağışladığı brilyant sırğaları göstərib dedi: – Mən Şərqin ən qiymətli adamları ilə tanış olmağa və böyük hədiyyələrini daşımağa nail olmuşam. Biz qalxıb süfrə başına keçdikdə Friksonun arvadı Saranın yanımda oturmağa tələsdiyini hiss etdim. Buna mən də razı idim, çünki konsul arvadı ilə mütərcim vasitəsilə danışırdım. Sara isə rusca çox gözəl danışırdı. O öz əri Friksonla belə rusca danışmağa çalışırdı, Frikson da qırıq-qırıq olsa da, fikrini rusca ifadə edə bilirdi. Bir tərəfimdə miss Hanna, digər tərəfimdə isə Sara oturmuşdu, miss döşünə taxdığı zəngin qızbaşına baxaraq dedi: – Mən köksümdə zəngin və səmimi dostumun hədiyyəsini daşıyıram. Mən ona tərəf əyilərək yavaşca cavabını verdim: – Mən də köksümdə qiymətli və gənc bir qızın unudulmaz sevgisini daşıyıram, – dedim. Bu sözdən miss Hanna olduqca məmnun qaldı, bunu Saraya da dedi. Saranın fikri özündə deyildi, onun fikri də, qəlbi də, gözləri də hədiyyədə idi; o, iştahasını, marağını, hirsini söndürməyi bacarmırdı, nəhayət, o mənimlə söhbətə girişdi. – Mən taleyə, iqbala inanıram, – Sara bu sözləri ərinə çox ehtiyatla baxaraq deyirdi. – Biz Friksonla burada evlənmişik, mənim atam Xadarkovski qənd firmasının vəkilidir, firmanın sahibi mənim əmimdir. Atamın familiyası, bəlkə də, eşitmiş olarsınız, Mezgerdir. Anam burada atamdan ayrıldı, Şərq mühitinin verdiyi xüsusiyyətləri həzm edə bilmədi. Özü üçün bir neçə namünasib tanışlar seçdiyindən atamın narazılığını qazandı, bununla da ayrıldılar. Böyük bacım hələ Təbrizə gəlmədən belə bir nəfər gürcü knyazı, mal həkimini sevib getdi. Ailəmiz dağıldı, o həyatda yaşamaq mümkün olmadı, mən də ərə getmək məcburiyyətində qaldım. – O, burada bir az səsini yavaşıdıb dedi: – Amerikalılar olduqca xəsisdir. Zatən ingilis irqinin hamısı belədir. Onlar yalnız özləri üçün yaşayırlar. Hər nə isə mənim taleyimdə bu, yazılmış imiş. Bunu da deməliyəm ki, hələ ailə illəri bizi bir-birimizə bağlamamışdır. Onunla Amerikaya gedəcəyim də şübhəlidir, hər halda mən Şərqdə yaşamağı istərdim. Saranın sözləri Friksona məcburi olaraq ərə getdiyini anladırdı, mən onun sözlərini cavabsız buraxmaq istəmədim. Sara sözünü bitirdi, məsələ aydın idi. O, Friksonu gözəl, zəngin olması şərti ilə sevə biləcək idi, indi isə sevmir, səadətini başqalarında arayır. Frikson mənim qolumdan tutub, salona keçməyimizi təklif etdi. Frikson əvvəlcə sözünü öz arvadından başlayaraq: – Rəfiqəm çox gəncdir. Onun yaşı həyata müəyyən şəkil verə biləcək vaxtına yetişməmişdir, 19 yaşı vardır, evləndiyimiz də uzun zaman deyildir. Hələlik o, qızlıqdan və qızlığa məxsus şıltaqlıqdan ayrıla bilməmişdir, mən isə onun ruhuna girmək, onu oxşamaq yollarını tapa bilmirəm, buna görə də bir yabançı kimi yaşamaqdayıq, – dedi. Bunu mən Sara xanımın söhbətindən anlamışdım. Bu məsələnin məni çox da maraqlandırmadığını görən Frikson: – Bunu bir tərəfə burakalım, – dedi, – hazırkı vəziyyətimizdən danışalım. Sabah Payan kəndindəki xeyriyyə müəssisəmizin köçürülməsi vaxtı bitir, orada olan şeyləri, əldə olan xəstə və sağlam uşaqları köçürüb şəhərdə yerləşdirmək lazımdır. Bu isə vaxt tələb edir, bu vaxtı da bizə vermirlər. Müctəhid bu gün yenə də qəti tələbat vermiş və kəndi boşaltmağı qəti olaraq xəbər vermişdir. Bəlkə də, siz bu barədə bizə yardım göstərə bilərsiniz? Heç olmasa, şəhərdə əlverişli mənzil tapmaq lazımdır. Frikson üzümə baxaraq cavab gözləyirdi. – Mümkündür, – dedim, – istər şəhərdə yer tapmaq, istərsə şeyləri oradan daşıtdırmaq mümkündür. Bu xəbər məni sevindirirdi, çünki Payan kəndindəki silahları yenə də Amerika bayrağı altında olaraq şəhərə gətirmək mümkün olacaq idi. * * * Mahru və Smirnov Mahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu. O düşünür və düşünürdü: «Özü yıxılan ağlamaz, – deyirdi, – özüm sevib gəlmişəm. Mən elə bildim ki, bu sevgi məni məsud edəcəkdir. Onun adının dəyişməsi, müsəlman olması da əhalinin müəyyən qismini şaşdırmaq üçün bir oyun idi. Din, adət-ənənə bir olmadıqda yaşamaq da çətindir, – deyənlər də var idi. Lakin bunların heç birisi mənim qulağıma girmirdi, mən sevirdim, dəlicəsinə sevirdim. Evləndik, yaşadığımız da uzun müddət deyildir, ancaq o, tez söndü, o məndən soyudu. Bəlkə də, o, bir qızı müvəqqəti istifadəsi üçün aldadıb almışdı. Eybi yoxdur, ayrılarıq». Mahru bu düşüncələrlə ikən Smirnov içəri girdi, Mahrunu qolları arasına alıb öpdü, lakin bu öpüşlər, nəvazişlər nə qədər saxta və süni idi. Hər şey adi, hər şey solğun, hər iş tərəddüd və şübhədən ibarət idi. Mahru özünü saxlaya bilməyib ağladı. Smirnov şaşırdı, onun başını köksünə alaraq divanın üstündə oturdu. – Gözəlim, mələyim, neçin ağlayırsan? Səni təhqir edənmi vardır? – dedi. Mahru başını onun köksündən qaldıraraq dedi: – Sən belə etməməli idin! Mən səndən ötrü hər bir şeyi atdım, millətimi, adətimi, tanışlarımı buraxdım, sən buna qiymət vermədin, tez geri çəkildin. Sən məndən nə tez soyudun? Nə tez bu sevgi səni usandırdı? Smirnov dəli adamlar kimi baxıb nə cavab verəcəyini və Mahrunu nə kimi sözlərlə sakit edəcəyini bilmirdi. – Doğrudur, gözəlim, son günlərdə dəyişmişəm. Lakin bunun bizim sevgimiz və ailə həyatımızla heç bir əlaqəsi yoxdur. Hərgah vəzifəm yol verəydi, mən bu dəyişmənin əsas səbəbini sənə söylərdim. – O da bir bəhanədir! – deyə Mahru acıqlı cavab verdi, – günah özümdədir, bu mənə böyük bir ibrət dərsi oldu... Smirnov Mahrunu heç vəchlə sakit edə bilməyəcəyindən onunla ciddi danışmaq və hazırkı vəziyyətin səbəblərini söyləmək qərarına gəldi. – Gözəl Mahru! – deyə Smirnov yalvarıcı vəziyyət aldı. – Təbrizin vəziyyəti olduqca ciddi və qorxuludur. Sənə söyləyəcəyim bu sözləri gizlində saxlamalısan. Çünki bu sözlər mənim müqəddəratımla əlaqədardır. Bu günlərdə Təbriz general-qubernatoru çar konsulxanasının təklifləri ilə razılaşmadığından ölkəni buraxıb getdi. Təbriz gizli təşkilat əlindədir. Gündə bir intibahnamə, gündə camaatı üsyana dəvət etmək üçün təbliğat aparılır. Əldə olan məlumata görə, nəzmiyyə təşkilatı da inqilabçılar əlindədir. Buna görə də nəzmiyyəni tərksilah etmək və Təbrizdən silahları yığmaq məsələsi qoyulmuşdur. Bu məsələni mənə tapşırmışlar. Heç şübhə yoxdur ki, bu işlər silah gücünə olaraq həyata keçiriləcəkdir. Nəzmiyyənin təslim olacağına ümid yoxdur. Müxbirüssəltənənin Təbrizi buraxıb getməsi də çar siyasətinə qarşı bir nümayişdir. Təbrizdə qan töküləcəkdir, qafil və silahsız camaatın müqəddəratını alayın kəskin silahları həll etməlidir. Məni düşündürən budur. Qırılanlar sənin millətindir, sənin həmvətənlərindir, bəlkə də, bu qırğın səninlə mənim aramdakı səmimi sevgi əlaqəsinin zəifləməsinə də səbəb olacaqdır. Qardaşın da üsyan hərəkatının və nəzmiyyənin tərksilah edilməsi tərəfdarıdır. Hərgah mən sənin də bu təşəbbüsdən razı qalacağını bilsəydim, o zaman düşünməyə heç də ehtiyac yox idi. Mən daha sakit bir vicdanla vəzifəmi bitirərdim. – Sən bu işi öz boynundan ata bilməzmisən? – deyə Mahru soruşdu, – yaxud bunun qarşısını ala bilməzmisən? Qoy bu işi özgəsinə tapşırsınlar. – Bu, vəzifədir! Burada rütbə və mənsəb məsələsi vardır. Bununla da bizi səadətli bir gələcək gözləyir, mən ancaq bu vəzifədən sonra general rütbəsinə çata biləcəyəm. Mahru dinmədi. Smirnov da sanki dediklərindən peşman olmuşdu, bu halda telefonun zəngi səsləndi. Smirnov telefonu dinlədikdən sonra Mahruya müraciətlə: – İşlər ciddiləşir. Bir neçə gün bundan əvvəl tərksilah edilmiş iki nəzmiyyənin əvəzinə, bu gün dörd nəfər rus əsgərini tərksilah etmişlər, odur ki, mən konsulxanaya getməliyəm. Sən məni gözləmə, naharı mənsiz edə bilərsən! – deyib geyinib getdi. Mahru başını əlləri içərisinə alaraq oturmuşdu. O, Smirnovdan eşitdiyi sözlər ətrafında düşünürdü. O, birdən-birə Smirnovun sözlərini təkrar etməyə başladı. «Bu, vəzifədir, rütbə və mənsəb məsələsi vardır. Bizi səadətli gələcək gözləməkdədir. Bu vəzifəni bitirməklə də general rütbəsinə yetişəcəyəm». O bu rütbənin hansı yollarla əldə ediləcəyini düşünərkən dəhşətə gəlirdi. «Təbrizliləri ərim qıracaqdır. Qadınlar, uşaqlar çar kazaklarının əlində qalacaqdır, minlərin fəlakəti nəticəsində biz iki nəfəri xoşbəxt həyat qarşılayacaqdır, onun şöhrət qazanması üçün minlərcə namus, minlərcə şərəf, minlərcə şan-şöhrət məhv olacaqdır». Birdən Mahru dəlicəsinə ayağa qalxıb pəncərənin qarşısına gəldi, əsəbi bir halda əlini uzadıb Smirnovun fotoşəklini masanın üzərindən götürdü, ona diqqətlə baxdı, bir daha dönüb pəncərədən Təbriz üfüqlərini, incə minarələri, orman kimi bağçalıqları, yumurta şəklində olan günbəzlərin altında, bazarların, kərpic divarların qoynunda nazlanan gəlin kimi sarayları gözdən keçirdi. Mahru sanki bir əlində Smirnovun fotoşəklini, digər əlində isə öz vətəni olan Təbrizi tutub müqayisə edirdi. Bu vəziyyət bir neçə dəqiqə davam etdi. Mahru bu iki sevgilinin heç birisindən keçə bilmirdi. Mahru fotoşəklə bir də baxdı, bu baxışla Smirnovla sevişdiyi zamanların, nəşəli görüşlərin, ürək döyüntülərinin və bütün sevgi macərasının tarixini xatirindən keçirdi və bir daha dönüb Təbrizə baxdı. * * * Qaranlıq düşmüşdü. Qapı vuruldu, Hüseynəli qapıya gedib tez qayıtdı. – Sizi bir nəfər təbrizli xanım görmək istəyir, – dedi. Qapı açıldı, ipək çarşaba bürünmüş bu qadın əzəmətli və məğrur addımlarla irəliləyirdi. Mən oturub Əmir Heşmət tərəfindən düzələcək üsyan hərəkatının planları ilə tanış olurdum. Planları yığışdırıb masanın qutusuna qoydum. Qadın çarşabını atdı, o, Smirnovun arvadı Mahru xanım idi. Mən qalxıb əlini sıxmaq istədikdə: – Evdə ikimizdən başqa heç bir kəs olmamalıdır, – deyə qapını bağladı, mən onun əlini sıxdıqda o, əlini avropalı bir qadın kimi dodaqlarıma uzatdı, əlini öpərək masanın yanındakı kürsüdə oturmasını rica etdim. – Vaxtsız gəlməyim sizi rahatsız etsə də, burada mühüm bir məcburiyyət olduğundan əfv edəcəyinizə əminəm. Çox düşündüm. Dərdimi başqa bir adama deyə bilmədim. – Mahru o tərəf-bu tərəfə baxaraq davam etdi: – Yardımınıza böyük ehtiyac vardır. Bilmirəm, siz bu yardımı verə biləcəksinizmi? – İmkan daxilində hər bir şey mümkündür. Mənim sizə qarşı nə qədər böyük bir hörmət bəslədiyimi bilməmiş deyilsiniz. Siz fikriaçıq bir qız idiniz, yenə də mən sizi elə tanıyıram. Mahru yenə o tərəf-bu tərəfə baxaraq dedi: – İş beladır. Təbrizi böyük bir fəlakət gözləyir. Çarə edə bilərmisiniz? – Nə kimi bir fəlakət? – Ölüm, talan, qırğın təhlükələri! – Kimin tərəfindən? – Çar ordusu tərəfindən. Gəlinin rus konsulu, yaxud da Smirnov tərəfindən öyrədilib göndərildiyini zənn etdim, odur ki, ona ehtiyatla yanaşmaq qərarına gəldim. – Mahru xanım, bu, ola bilməz. Ruslar bura müdaxilə və qırğın məqsədilə deyil, asayişi bərpa etmək məqsədilə gəlmişlər. Zənnimcə, bu xəbərlər sizin rahatınızı pozacaq qədər mühüm xəbərlər deyildi. Onun gözlərindən sanki alov parlamağa başladı. – Məni heç kəs öyrədib sizin yanınıza göndərməmişdir. Siz kişisiniz, gənc bir qadın, xüsusən sizin tanıdığınız qadın xain bir məqsədlə sizin yanınıza gələ bilməz. Mən casus da deyiləm. Dur, məni öldür! Bura gəldiyimi də bir kimsə bilmir. Çar ordusu nəzmiyyəni tərksilah etdirəcək, evlərdən silah axtaracaq, inqilabçı zənn edilənlər həbs ediləcəkdir. Üsyan hərəkatını boğmaq üçün şiddətli cəza qanunları həyata keçiriləcəkdir. – Siz bunları haradan öyrənmişsiniz? – deyə ciddi bir vəziyyət alaraq sordum. – Smirnov dedi, bu vəzifə ona tapşırılmışdır. – Siz bu sözləri bir başqasına da demişsiniz? – Yox, heç kəsi tanımıram. Qardaşıma demək istəmədim, çünki onun da bu xain çıxışda əli vardır. Əvvəlcə Nina xanıma demək istədim, lakin sonra düşündüm ki, bu da urusdur, öz millətini satmaz. Özü də ki, konsulxana işçisidir, qorxdum ki, bu sirri sizə verməndən əvvəl konsulxanaya da verə bilsin, axırda özüm sizin yanınıza gəlməyi qərara aldım. – Əriniz bu xəbəri eşidərsə, sizdən narazı qalmazmı? Həyatınızda bir pozğunluq törəməzmi? Mənim sualıma qız qəti bir səslə: – Mən öz qəlbimi vermişəm, bütün İranı və xüsusən inqilabçı Təbrizi verməmişəm, – dedi. – Əqidəniz bu isə xalqın qeydinə qalıcı və səmimi qəlbinizi təbrik edirəm. Mən sizə inanıram. – Mən də sizə inanıb gəlmişəm. Sizin adi bir təbrizli olmadığınızı bilərək gəlmişəm. O bunu deyib jaketinin cibindən bir parça kağız çıxardı və: – Bunu da oxuyun! – deyə mənə uzatdı. Kağızı alıb oxudum: «Əlahəzrət Qafqaz canişini tərəfindən göndərilən əmrnaməyə görə, Təbriz nəzmiyyə təşkilatı tərksilah edilməlidir. Alayınızın hərbi hazırlığını təmin etməli və xüsusi əmri gözləməlisiniz. Azərbaycan işğal ordusunun komandanı Snarski 25 oktyabr 1911-ci il». Oxuduqdan sonra əmrnaməni qızın özünə qaytardım, qız alıb yenə də jaketinin cibinə qoyaraq qalxdı və vidalaşıb getdi. Hüseynəli əmiyə bura qadın gəlməsi haqqında heç bir kimsəyə söyləməməsini tövsiyə etdim. Təkcə oturub düşünürdüm: «Bir rus zabitinə, hətta onun vətənini tapdamaq üçün gələn rus zabitinə ərə gedən, onu sevən bir qızda olan inqilabi namusun bircə faizi Hacı Mehdi ağa Küzəkünani kimi adamlarda olsaydı, onlar Hacı Səməd xanı Təbrizə hakim gətirmək üçün Marağaya getməzdilər», – deyirdim. Mən yenə də Əmir Heşmətin düzəltdiyi planları çıxarıb baxmaq istədikdə küçə qapısı döyüldü. Kağız-paranı yığışdırıb yerinə qoydum. Bu dəfə gələn Nina idi. O, kədərli idi. Sözlü adama oxşayırdı, içəri girər-girməz: – Bu gün məsələ tamamilə aydınlaşdı, – dedi, ingilis konsulu da razılıq vermişdir. Nəzmiyyə çox şübhəli olduğundan onu tərksilah edəcəklər. Konsulxanada olan məlumata görə, Təbrizdə 25 min silah vardır. Onları da tələb edəcəklər. – Qoy tələb etsinlər, – dedim, – silahların dəyərlisi bizim əlimizdədir, bu da silahların siyahısıdır. Nina siyahını gördükdə: – Bu silahları daşıyanlar olsaydı, daha yaxşı olardı, – dedi. – Onlar da vardır. Gözəl Ninam, hər şey hazırdır. Konsula dərs verəcək və onun yanlış siyasət nəticəsində böyük fəlakətlərə meydan verdiyini dünyaya bildirəcəyik, lakin bütün bunlar zərərsiz olmayacaqdır. Çar hökumətinə qarşı silahlı üsyan düzəldən rəhbərlərin də bir çoxunu itirəcəyik. Lakin bu üsyan zəruridir. Bu olmalıdır, çar hökumətinə Azərbaycan inqilabının bitmədiyini, onun davam etdiyini bildirmək lazımdır. – Doğrudur! – deyə Nina cəsarətlə əlavə etdi və yenə düşünərək, – ah, bilmirəm, axırımız necə olacaq, – dedi. – Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim. – Bu sözləri mən də deyirəm, lakin hadisələrin cərəyanı bizimlə hesablaşmır. Deyilmi? – deyə Nina soruşdu. – Yox, Nina, – dedim, – hazırkı hadisələr bizimlə hesablaşır, çünki o hadisələr təsadüfi hadisələr deyildir. Onlar bizim iradəmizlə hesablaşmaya bilməz, onu biz yaradırıq! Biz bu söhbətdə ikən qapıda bir fayton dayandı. Gələn Ələkbər yoldaş idi. * * * Qapını vurdum, miss Hannanın qulluqçusu qapını açdı, amerikalı qızı görmək üçün icazə istədikdə: – Xanım sizi icazəsiz qəbul etməyi tapşırmışdır, – dedi. Mən qızın kiçik salonuna girdim. O, saçlarını açıb çiyinlərinə atmışdı, məni görərkən qalxıb o biri otağa keçmək istədi, fəqət mən: – Tez gedəcəyəm, rahatsız olmayın, – deyə onu saxladım. – Hara gedəcəksiniz? Sizə söyləyəcək sözüm vardır. – Dinləyirəm. – Tələsməyin, söyləyəcəyəm. Mən onun sözlərini eşitməmiş gedə bilmirdim. O isə məni saxlamaq üçün söhbətləri başqa yerlərdən başlayırdı. Gecə saat ikinin yarısında süfrəyə oturdu, mən də çarəsiz oturdum. Bu gecə gənc qızın süfrəsində şərab vardı, bu, birinci dəfə idi. Mən tez-tez saata baxırdım. – Ayıq qalmağı saatdan öyrənməlisən, – dedikdə yenə də qızın köhnə fəlsəfələrə keçəcəyini bilirdim, bu kimi sözlər qulaqlarımda adi sözlər kimi təsir bağışlayırdı. – Doğrudur, yuxusuz qalmağı saatdan öyrənməlidir, – dedim. – Mən daima saatdan yuxusuzluq öyrənməyə çalışsam da, miss Hannadan səbirsizlik öyrənməyə çalışmayacağam. Qız hazırcavablıqla: – Görünür ki, mən də səndən soyuqqanlılıq öyrənməliyəm, – dedi. Qız bu sözündən sonra fəlsəfəsinə keçmək üçün imkan tapdığını zənn edərək: – Heç kəs mənim kimi xoşbəxt deyildir, – dedi, – Amerika konsulxanasının hər bir üzvü, hətta konsulun arvadı Mariya, Friksonun arvadı Sara belə mənə həsəd apararaq, məni dünyanın ən xoşbəxt bir qızı hesab edirlər. Bununla bərabər onlar məni soyuqqanlı, bacarıqsız hesab edirlər. Guya mən sənin ruhunu oxşaya bilməmişəm, səni əyləndirməyi, ruhunu ələ almağı, səni həyatdan razı salmağı bacarmırmışam. Daha doğrusu, mənim həyatı düzəltməyə qabiliyyətim yox imiş. Lakin nə Sara, nə də Mariya səni tanımır, sənin qəlbini, ruhunu, mətanətini, dəmir iradəni olduğu kimi anlamır, onlar səni bir yəhudi, yaxud bir ingilis kimi ölçürlər. Qız yavaş-yavaş öz şikayətlərinə keçdi, öz bacarığından, mənim laqeydliyimdən bəhs etdi. Mən onun dediklərini təsdiq edir və oxşayırdım. Lakin eyni zamanda özümə bəraət qazandırmağı da lazım bilirdim. – Doğrudur, – dedim, – bəlkə də, sizi anlamayanlar bu kimi zənlərdə bulunar. Lakin belə deyildir, sevgi ilahəsi! Sənin kimi qızlara az-az təsadüf olunur, mənə gəldikdə isə soyuqqanlı deyil, səbirli və mətanətli olmağı sevirəm, çünki həyat qurmaq üçün vaxt lazımdır. Tədrici sevgi daha sevimli olar. Qız bir ah çəkərək yanındakı şərab piyaləsini qaldırıb bir az içdi, onun gözləri tam mənası ilə bir sərxoş gözünə bənzəyirdi. Mən onu danışdırmaq məqsədilə: – Gözəl mələyim, heç yeni bir xəbər varmı? – deyə soruşdum. Qız sərxoş gözlərini gözümə dikərək: – Səni sevindirəcək bir yenilik yoxdur, – dedi. Artıq Hanna dodaqlarını dodaqlarıma toxunduracaq dərəcədə mənə yaxın idi. Əlində soyduğu almadan bir parça mənim dodaqlarıma gətirib dedi: – Bu günlərdə böyük hadisələr gözlənir, çar ordusu nəzmiyyəni tərksilah etdirəcək, şəhərə ultimatum verib silahları istəyəcəkdir. Çar siyasəti əleyhinə işləyənlər həbs ediləcəkdir. Qız şərabdan bir udum da içdi, mənə də içirtdi və sözünə davam edərək: – Sən mənə inanmırsanmı? – soruşdu. – İnanıram. Hannam, inanıram! Lakin təəccüb edirəm, – dedim. – Bu kimi xəbərləri rusların ürəyindən qoparıb Amerika konsulxanasına gətirən adam nə qədər cürətli adamdır. – Doğrudur, Amerika dolları çox bacarıqlıdır. O heç qorxmaz, heç bir çətinliyin qarşısında başını əyməz! Sən onu bilməlisən ki, konsulxanaların hamısında bu alış-veriş vardır. Rus konsulunun şifrəçisi Sergey Vasilyeviç yeddi hökumətin konsulxanasından maaş alır. Çox təəccüb etmə, belələri konsulxanaların hamısında vardır. Ona görə də sirlər açılmır, çünki konsulxanalarda casusların hamısı bir-birini tanıyır, bir-birinin sirrini açmır. Kim bilir? Bəlkə, bizim Amerika konsulxanasında da belələri çoxdur. Diplomatlar bunsuz yaşamaz, konsul konsulun axşam nə etdiyini bilməzsə, öz səfirinə xəbər verməzsə, o, mahir diplomat hesab edilməz. Bir şey varsa, o da şeytanlıq, casusluq və xəfiyyəçilikdir. Qız artıq nəşələnmişdi, içir və oxuyurdu. Nəhayət, yenə söhbəti ailə həyatı qurmaq əməlləri ilə düyünləməyə başladı. Mən onu sakit etmək üçün: – Biz artıq birimiz digərimizi öyrənməkdəyik, sevgimizi əsaslandıracaq ünsürlər də doğmaqdadır. Sən də, mən də özbaşımıza deyilik, ailə başçılarının rizası əldə edilincə, bizim həyatımız müəyyən çərçivəyə girəcəkdir. Qız qalxdı və mənim əllərimdən tutub ayağa qaldırdı: – Dur gəl, – dedi, – ailə başçılarının rizasını əldə etdiyimə dair vəsiqəni sənə göstərim. Qız bağlı bir şkafı açdı, üzərində insan kəlləsi şəkli olan kiçik bir şüşə çıxardı, mən onun zəhər olduğunu anladım, özümü bilməməzliyə vuraraq: – Əcəba, bu şüşənin içərisindəki nədir? – deyə soruşdum. – Bu, dərmandır. Bu, insana həyatında bir kərə lazım olur, – deyə qızın başı gicəldi, hələ dərman əlində idi, mən onu gətirib yerində oturtdum. Şüşəni əlindən aldım, qız başını çiynimdən qaldıraraq dedi: – Bu dərman ailə başçılarının inadına, övladların sevgisi ilə hesablaşmamalarına cavabdır, – deyə birdən-birə şüşəni məndən alıb açmağa başladı, mən onun nazik əllərini tutub öpdüm, şüşəni cibimə qoydum, qız hıçqıraraq ağlamağa başladı. Səsinə ixtiyar qadın yatağından qalxıb gəldi, o da qıza baxaraq ağladı, iki əlləri ilə başını tutdu və məni qandırmağa başladı: – Bu gün evlərindən məktub almışdır. Məktubu alan kimi ağladı, sonra məni şərab aldırmağa göndərdi, bu, birinci hadisədir, – dedi. Mən miss Hannaya bir az su içirdim. Yenə də masanın başında oturub oxşadım. Əlimi saçlarında, vücudunda gəzdirdim. O mənim boynuma sarıldı və: – Onu ver mənə! – deyə bir daha ağladı. – Sən ağıllı qızsan, yaşamaq lazımdır. Sən mənim üçün də yaşamalısan, sən özün bu fikirdə deyilmi idin? Mən onun əllərini oxşayıb, saçlarını alnından kənara çəkməkdə davam etdikcə, o da ağlayıb və gözünün yaşları ilə yaxalığımı islatmaqda idi. Heç şübhə yoxdur ki, qız öz ailəsindən ümidsizliyinə səbəb olacaq bir məktub almışdı. Yəqin ki, amerikalı qızın atası, anası onun bir iranlı ilə evlənməsinə razı olmamışdılar. – Gözəl Hanna, – dedim, – səbir et, həyatdan səadətlər gözləməlisən. Gəncsən... Bəlkə də, gələcək sənin ümidlərini qıran mənələri aralıqdan qaldıracaqdır... Qız qoynundan bir məktub çıxarıb açdı, bir az əvvəlindən, bir az da ayağından büküb aralıqdan bir neçə sətrini oxudu: «Sənə hörmət bəsləyən, sənin varlığını müdafiə edən Əbülhəsən bəyə səmimi salamlarımızı söylərsən. Lakin Hanna, onu da bilməlisən ki, hörmətə qarşı sevgi deyil, hörmət lazımdır. O hörməti sevmək dərəcəsinə çatdırmaq bir amerikalı qıza yaraşan vəzifə deyildir...» Qız məktubu oxuduqdan sonra masanın üzərinə atdı və: – Onların vəzifəsi bitmişdir. Mən özüm həyatı qurmağı bacarıram, – dedi. Həzrət Sahib məscidinin minarəsindəki azançı, «həyyə ələssəlat» deyərək təbrizliləri yuxudan qaldırdıqda miss Hanna da başı çiynimdə olaraq uyumuşdu. Mən onun rahatlığını pozmamaq üçün çox oturdum, günəş əlvan şüşəli Şərq pəncərəsindən düşərək, otağın içərisini bəzəyincəyə qədər oturdum. Qızı ancaq günəşin gözqamaşdırıcı şüaları yuxudan oyandıra bildi. O ancaq bunu dedi: – Əfv et, səni rahatsız etdim. * * * Rus konsulunun ziyafətində İllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə: – Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər. Buna baxmayaraq, mən Ninadan rus konsulxanasına getməməyi və o cəmiyyətin sırasında bulunmamağı rica etmişdim. Bu gün konsulun faytonu gələcək və bizi ziyafətə aparacaq idi. Bəhanə və üzr gətirmək mümkün deyildi. Konsulun şübhəsini qazandırmamaq üçün getməkdən başqa çarəmiz yox idi. Axşam saat doqquzda fayton gəldi və bizi apardı. Konsul özü, arvadı, böyük qızı, sərdar Rəşid, onun arvadı İraida, Abşeron alayının komandanı Smirnov, onun arvadı Mahru xanım salonun qapısında durub bizi gözləyirdi. Biz içəri girərkən konsulun xüsusi orkestrini idarə edən dirijorun əlindəki nazik ağac hərəkətə gəldi, bizi musiqi tərənnümləri ilə qəbul etdilər. Sanki Ninanın haqqımdakı təriflərini yoxlamağa çalışırdılar. Konsulun qızı və arvadı məndən göz çəkməyirdi. Ziyafətdə yüksək rütbəli çar zabitlərindən də bir neçəsi var idi. Sərdar Rəşid olduqca məhzun idi. Bütün hərəkətləri adi və saxta görünürdü. Konsulun özünün də sərdar Rəşid ilə sıxı əlaqədə olmadığı bəlli olurdu. İraidanın qaşqabağı öz yerində deyildi. Şübhəsizdir ki, bu da sərdar Rəşidin məhzunluğu ilə əlaqədardı. Smirnov Mahrunun qoluna girib böyük salonu gəzməyə dəvət edirdi, lakin Mahru onunla getmədi, Ninanın və İraidanın yanına gəldi. Sərdar Rəşidin kefsiz olduğunu Ninaya söylədikdə, o da bunu təsdiq etdi və «mən bu saat öyrənərəm» deyə qalxdı, konsulun arvadı və qızı ilə bir az gəzdikdən sonra hara isə çıxıb getdilər. Mən təkcə oturmuşdum, Mahru da gəlib yanımda oturdu. Smirnov da iki dəfə gəlib yanımızda oturmaq istədi, lakin divanda yer olmadığından otura bilməyib uzaqlaşdı. Mahru mənə bir az da yaxınlaşdı: – Sabah yox, birisi gün işə başlayacaqlar, özünüzü gözləyin. Ehtiyatlı olun, – deyə yavaşca pıçıldadı. – Cinayətin başında mənim bədbəxt ərim durmaqdadır. Bu kağızı al, gizlət! Oxuyandan sonra tələf et, – deyə Mahru mənə bir kağız verdi, sözünə davam edərək: – Ehtiyatlı olun, qohum-qardaşınıza da xəbər verin, – dedi. Mən Mahruya inanmamaqda haqlı deyildim, çünki onun mənə gətirdiyi xəbəri, miss Hanna və Nina da gətirmişdi. Nina qayıdıb gəldi, əlində üç qızılgül gətirdi, birisini mənim, birisinin Mahrunun yaxasına sancdı, üçüncüsünü aparıb Smirnovun yaxasına taxmaq istədikdə Mahru mane oldu, qızılgülü alıb Ninanın yaxasına sancdı. Mahrunun bu hərəkəti, onun Smirnovdan soyuduğuna bir işarə idi. Mahru ayağa durmaq istəmirdi, nəhayət, müxtəlif bəhanələrlə Smirnov onu mənim yanımdan qaldırıb apardı. Nina yanımda oturaraq dedi: – Bu gecə tarixi bir gecədir, – Ninanın gözlərində sanki alovlar parlayırdı. – Bu gecə İraidanın həyatında ilk düşkünlük başlamaqdadır. Bu gecə sərdar Rəşidin Azərbaycan general-qubernatoru təyin edilməsi təxirə düşür. – Nə üçün? – deyə yavaşca soruşdum, – başqa namizəd vardırmı? – Vardır, vəziyyət ciddidir. Nüfuzlu bir qubernator lazımdır. Onu konsul hazırlamışdır. O adamın nüfuzu və qüvvəti vardır, özü də sərdar Rəşiddən daha artıq çar tərəfdarıdır. Bu gecə o zatın özü də bu ziyafətdə iştirak edəcəkdir. – Kimdir? – deyə yenə də soruşdum. – Ziyafətə gəldikdə görüb tanıyarıq, onun Azərbaycan general-qubernatoru olmasını cənab Sablin və cənab Sazonov da məsləhət görmüşdür. – Bəs sərdar Rəşid nə vəzifə daşıyacaqdır? – O, qubernator müavini vəzifəsində qalacaq və gələcəkdə qubernatoru əvəz edəcəkdir. Çünki o, Rusiyanın «Oryol» nişanını daşıyır. – Doğrudan da, tarixi bir gecədir! – deyə rusların ilhaq siyasəti apardıqları haqqında düşünməyə başladım. – Bu gecə daha başqa yeniliklər vardır, – deyə Nina əlavə etdi, – Osmanlı konsulxanası heyətindən başqa bütün dövlətlərin konsulxana məmurları bu ziyafətdə iştirak edəcəkdir. Bu sözü eşitdikdə ürəyim döyündü, miss Hannanın da bu ziyafətə gələcəyini yəqin edərək, onunla olan əlaqəmdən Ninanın xəbər tutacağından qorxdum. Mən ömrümdə ilk dəfə idi ki, müqəddəratımı taleyin əlinə verdim: – Qoy nə olacaq olsun, – dedim. İngiltərə konsulunun və konsulxana heyətinin gəldiyini xəbər verdilər. Onları təntənəli musiqi tərənnümləri ilə qarşıladılar. Bunlarla tanış olduqdan sonra Nina, üzü uzunsov və arıq, boynunun, üzünün yoğun damarları göy rəngli qaytana bənzəyən, bığları, saqqalı qırxıq bir ingilisi mənə göstərib dedi: – Bu, mister Tomsondur, İngiltərə konsulxanasında gizli işlər müdiridir. Ayda rus konsulxanasında min manat qızıl pul alır, rus konsulxanasına lazım olan gizlin məlumatları satır, şübhəsiz ki, o da bizim Sergey Vasiliç kimi bir Rusiyaya deyil, bütün dövlətlərə satılır. Mən yaxşı diqqət verdim, o hamıdan artıq Sergey Vasiliç ilə səmimi davranırdı. Almaniya konsulu və həmkarları gəldi və tam bir təntənə ilə qəbul olundular. Tanış oldular. Nina gödək və meymunla heç fərqi olmayan bir almanı mənə göstərərək dedi: – Bu qoca alman baron Rozendir. Bu da çarın Almaniya konsulxanasında işləyən adamlarındandır. Təəccüblü burasıdır ki, baron Rozen də gedib Sergey Vasiliç və Tomsonun dəstəsinə qoşuldu. Bir azdan sonra Avstriya konsulu öz məşhur işçiləri ilə gəldi. Nina yenə də Get adlı bir avstriyalını göstərib, çar casusu olduğunu söylədi. Fransa konsulunun yanında gələnlərdən də müsyö Jülbert adlı birini göstərib Rusiyanın Fransa konsulxanası casusu olduğunu anlatdı. Mənim gözüm yolda qalmışdı. Amerika konsulxana heyəti çox gec gəldi. «Yaxşı oldu, gəlmədilər» deyə düşünürkən amerikalıların gəldiyini xəbər verdilər. Konsul özü gəlməmişdi, xəstəliyi davam edirmiş. Mister Frikson, qadını Sara, bir də miss Hanna gəlmişdi. Bunlar içəri girərkən mən, Smirnov, sərdar Rəşid, İraida, Mahru və Nina bir qrup düzəldib salonda gəzişirdik. Biz bunlarla tanış olduqda miss Hanna əlini mənə uzatdı, sıxdı, əlimi qeyri-adi bir surətdə sıxdığını ancaq mən özüm hiss etdim. Hanna mənimlə tanış olduğunu heç kəsə bildirmədən bir yabançı kimi davranırdı. Qəlbim sakit olmuşdu. İndi artıq başqa bir şey düşünürdüm. – İki nəfərin (Frikson və Hanna) hansı birisi çar casusudur? – deyə Ninaya müraciət etdikdə o: – Qız dünyanın haramzadasıdır, – dedi, – bunun üçün də gizli işlərin başındakı işçini götürüb bunu təyin etmişlər. Lakin Friksonun həm özü, həm də arvadı Sara rus casusudur, – dedi. Qadınlar bir tərəfə, kişilər isə başqa bir tərəfə ayrılmışdı. Bir tərəfdə Tomson, Sergey Vasiliç, baron Rozen, Jülbert, Frikson, Sara kimi imperialist dövlətlərinin altunlarına bağlanmış casuslar, digər tərəfdə isə Nina, miss Hanna, Mahru kimi qadınlar və qızlar durmuşdu. Salondakılar sanki mühüm bir adamı gözləyirdilər. Çox intizardan sonra o gəldi. O, Hacı Səməd xan Şücaüddövlə idi. Başında mahuddan tikilmiş nazik börk, başının arası qırxıq, yoğun, uzun, sallaq, ağbığlı, 60, bəlkə, daha da artıq yaşlarında bir adam idi. Rus konsulu onun qolundan tutub konsullara təqdim etdi. İngiltərə konsulu Şücaüddövlənin əlini sıxdı. Hacı Səməd xan Şücaüddövləyə göstərilən bu hörmət nə İraidaya, nə də onun əri sərdar Rəşidə xoş gəldi, lakin buna baxmayaraq, sərdar Rəşid Hacı Səməd xana yaltaqlanmağa başlamışdı. Çar konsulu qonaqları şam süfrəsi başına dəvət etdi. İngiltərə konsulu rus konsulunun xanımı ilə, ingilis konsulunun xanımı isə rus konsulu ilə yan-yana oturmuşdu. Bütün konsulların özləri və xanımları bu nisbətlə əyləşdirilmişdi. Hacı Səməd xan yuxarı başda, onun yanında İraida, İraidanın yanında sərdar Rəşid, onun yanında bacısı Mahru və Smirnov oturmuşdu. Mən masanın bu tərəfində, üçüncü yerdə, bir yanımda miss Hanna, bu biri yanımda Friksonun arvadı Sara, onun yanında da əri Frikson, bundan aşağı Nina və Avstriya konsulunun baş katibi oturmuşduq. Gizli şöbə müdirləri yenə də şübhəli bir tərzdə bir-birinin yanında düzülüb oturmuşdular. Çar konsulu Belyayev şərab qədəhini götürüb ayağa qalxdı və: – İran istiqlalına, İranın rahat və asayişlə yaşamasına çalışarkən, böyük Rusiyaya yardım göstərəcək etibarlı zatlardan birincisi də hazırda bizim süfrəmizi müzəyyən buyuran Şücaüddövlə cənablarıdır; bu qədəhi bizim səmimi dostumuz Şücaüddövlənin şərəfinə içməyi tövsiyə edirəm, deyə Səməd xanı təbrik etdi. Qədəhlər qalxdı, süfrə başındakıların hamısı içdi. Səməd xanın tosta veriləcək cavabını tərcümə edən olmadığından konsul mənə müraciətlə: – Həşəmətli cənabın buyurduqlarını lütfən ruscaya tərcümə edin, – dedi. Mən tərcümə etdim: – Mən şəxsən mənafeyi müştərək olan Rusiya və İranın dostanə yaşaması uğrunda çalışanların ən birincisiyəm. Bu dostluğu pozacaq hadisələr baş vermiş və dostluğun davamı yolunda əngəl törədən əclaflar olmuşsa da, mən onlarla daim mübarizə aparmışam. Əlahəzrət çarın himayəsini İran üzərində möhkəm etmək üçün 7-ci illərdən bəri çalışmışam. Zənnimcə, yenə də mübarizə üçün qüvvətim vardır. Yenə də o dostluğun möhkəm olması uğrunda fədakarlıq göstərəcəyəm. Mənim şərəfimə içən cənabların, xüsusən süfrə başında oturan xanımların hamısına təşəkkür edirəm. Tərcümədən konsul çox razı qaldı. Deyəsən, ingilis konsulu Səməd xanın nitqindən o qədər də razı deyildi. Çünki o, İngiltərə haqqında heç bir söz söyləməmişdi. Konsul ikinci piyaləsini doldurub süfrədə oturanlardan icazə istədi. – Burada iki xanım oturmuşdur. Onlardan birisi bizim səmimi dostumuz sərdar Rəşidin xanımı İraida, digəri isə cənab Miralay Aleksandr Smirnovun xanımı Mahru xanımdır. Bu iki xanımın vasitəsilə Şərqə Avropa mədəniyyəti girməyə başlamışdır. Bundan əlavə, bu iki qadının izdivacı Peterburq ilə Təbriz arasında qırılmaz və sarsılmaz bir dostluq rabitəsi yaratmışdır. Mən bu qədəhi İraida və Mahru xanımların özlərinin və ərlərinin şərəfinə qaldırmağı təklif edirəm, – dedi. Yenə də qədəhlər qaldırıldı. İçdilər, sərdar Rəşid də söz alaraq Hacı Səməd xan kimi yaltaqlıq etdi. Smirnov da danışıb Şərqi təriflədi. Çar konsulu piyaləsini qaldırıb: – Yerli tacirlərdən Əbülhəsən bəyin şərəfinə içməliyəm, – dedi. Şərəfimə içdikdən sonra cavab vermək növbəsi mənim idi. Mən: – İcazə verəydiniz, bir neçə kəlmə danışmaq istərdim, – dedim. Konsulun icazəsindən sonra tamamilə Təbriz taciri dilində danışmağa başlayaraq: – Cənabların adsız-sansız bir tacirin sağlığına qədəh qaldırması, doğrudan da, əlahəzrət Rusiya imperatorunun İranda təqib etdiyi dostluq siyasətinin canlı bir nümunəsidir, – dedim. Bu sözlərimi təqib edərək Hacı Şücaüddövlə Səməd xan: – Bərəkallah oğlum! – dedi və gözlərini mənim ağzıma dikdi. Mən yenə də sözümə davam edərək dedim: – Bizim sərkarımız, başımızın sahibi olan həzrət Əşrəf Hacı Şücaüddövlə cənablarının fərmayişinə əlavə olaraq, həzrət Əşrəfin öz icazəsi ilə söyləyə bilərəm ki, birinci növbədə bizə lazım olan bir məsələ varsa, o da İranda sülh və salaməti, əmin-amanlığı bərpa etməkdən ibarətdir. Buna görə də istər əlahəzrət imperatorun konsulxanası, istərsə imperator konsulxanasına öz yardım əlini uzadan Şücaüddövlə həzrətlərini təbrik etməmək qabil deyildir. Ancaq cənubda əlahəzrət İngiltərə kralı, şimalda isə əlahəzrət Rusiya imperatorunun himayəsi altında olaraq biz tacirlər öz ticarətimizi inkişaf etdirə biləcək və iranlılar da bu sayədə öz istiqlalını qura biləcəkdir. Buna görə qarşımda əyləşən böyük dövlətlərin nümayəndələrinə, xüsusən həzrəti Əşrəf Hacı Şücaüddövlə cənablarına, elə də həzrət Əşrəfin müqəddəs əqidəsini daşıyan sərdar Rəşid cənablarına öz səmimi təşəkkürümü təqdim edirəm, – deyə sözümü bitirdim. Nitqim olduqca böyük bir təsir bağışladı. Səməd xan ayağa qalxıb alnımdan öpdü, mən də onun əlindən öpərək əllərimi döşümə qoymaqla qarşısında durdum. O: – Sabah yanıma təşrif gətirərsiniz, – dedi və oturmağıma icazə verdi. Oturdum. Nina mənə baxır, gülümsəyirdi, miss Hanna isə yavaşca: – Siz bir tacir olmaqdan əvvəl natiqsiniz də. Hər şeyi bacarır, ancaq sevməyi bacarmırsınız, – dedi. Miss Hanna çox uzun danışa bilmədi, çünki başqa şərəflərə içilməyə başlanmışdı. Xüsusən İraida sərdar Rəşidi təqdir etdiyim üçün nitqimdən çox razı qalmışdı. Miss Hanna vaxtının çoxunu mənimlə söhbətdə keçirirdi, bu da Ninanın diqqətini cəlb edirdi. Lakin musiqi miss Hannanın sözlərinin eşidilməsinə imkan vermirdi. Yemək gecə saat ikidə bitdi, yeməkdən sonra yenə də söhbət davam etdi. Xüsusən Səməd xanla konsulun söhbəti bitmirdi. Saat üçdə qonaqlar getməyə başladı. Amerikalılar hamıdan əvvəl getdi. Biz Səməd xanı orada qoyaraq çıxdıq. Vidalaşdıqda Səməd xan yenə də: – Sabah yanıma gələrsiniz, – dedi. – Rusiya səfərim baş tutmasa, xidmətinizə yetişərəm, – dedim. * * * Döyüş günləri Məhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər. – Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi. Sahibüləmr məscidinin içərisində, həyətində, meydanda kütlələri yarıb keçmək mümkün deyildi. Ümumiyyətlə, Məhərrəm ayında İran xalqı bütün işlərini buraxıb gününü məscidlərdə keçirməyi adət etmişdir. Belə bir vaxtda çar diplomatları qorxulu bir işə iqdam etmişdi. Çarın siyasəti, fəqət bir qabalıqdan ibarət olduğu kimi, Təbriz camaatını sakit etmək və İranı müstəmləkə halına gətirmək işində də qabalıq göstərməyə başladı. Bu qabalıq, xüsusən evlərə soxulmaq, qadınları aparmaq, küçələrdə qadınların üzünü açıb baxmaq nəticəsində olaraq qanlı bir hadisə ilə qurtaracaq idi. Çar diplomatları sanki Şərqin adət və ənənəsini tanımayır və tanımaq da istəmirdi. Təbrizdəki çar ordusu rus xalqını əsrlərcə əzmiş olan tatar ölkələrində olduğu kimi, Təbrizdə də rastına keçəni döyür, xalqın namus və hüququnu tapdalayır, hətta Şərqdə hörmətli sayılan simaları belə küçələrdə tutub əyləncə aləti qayırırdı. Şübhəsizdir ki, bu qabalıq nəticəsində Təbriz xalqı çar ordusu ilə üz-üzə gələcək və nəticədə Təbriz qaba hərəkətdə bulunan çar diplomatları ilə hesablaşacaq, daha açığı, qətl-am məsələsini qoyacaq idi. Mən silahlı üsyana qalxmaq işində məzəmmətlər alacağımı göz önünə alsam da, yuxarıdakı mülahizələr səbəbinə silahlı çıxışa razılıq verirdim. Çünki bununla da həm İran kəndlisi, İran yoxsulları silahlı çıxışın nə olduğunu görər, onu öyrənər, eyni zamanda da çar diplomatları da Təbrizdə inqilab duyğusunun əvvəlkindən daha artıq kök saldığını anlamış olardı. Bu mülahizələrlə də biz silahlı üsyan çıxışını olduqca mütəşəkkil, olduqca da ümidverici bir şəkildə düzəltmişdik. Ruslara qarşı qoyulan qüvvə isə dörd min adamdan ibarət bir qüvvə idi. Bunlardan 2500-ü rus beşaçılanı, qalanları isə Almaniya mauzer tüfəngləri ilə silahlanmışdı. Bundan əlavə, silahlı qüvvənin ixtiyarında yarım milyona qədər patron, 1500 rus nağan tapançası, beş yüz əl bombası, dinamitlər, barıtlar və sairələr də var idi. Miqdarın azlığına baxmayaraq, qələbənin yerli və silahlı qüvvənin tərəfində olacağı şübhəsiz idi, çünki bir üsyan zühurunda kütlələr də çar ordusunun əleyhinə qalxacaq idi. Biz bu gecəni yatmamışdıq, mən axşam saat doqquzda Nina ilə vidalaşıb evdən çıxmışdım. Gecə ikən silahlı qüvvələrin yerləşdiyi evləri gözdən keçirdik. Əli Müsyönün oğulları, Rus–İran məktəbinin təlim almış şagirdləri ilə bərabər Saman meydanı ətrafında yerləşmişdi, bunların başında Rus–İran məktəbinin müəllimi Əkbər Əkbərov yoldaş dururdu. Əmir Heşmət 1500 nəfərlə erməni məhəllərində, Əsgər Miskin beş yüz nəfərlik bir qüvvə ilə konsulxananın ətrafındakı evlərdə, İbrahim bəy Cahangirov, mən, bir də başqa qafqazlılar, təbrizlilərdən isə Hacı Hüseyn Şahzadə bağı ətrafında yerləşmişdik. Bura ən qorxulu, ən də mühüm bir yerdi, çünki burada olan qüvvə çar ordusunun mərkəzi olan Şahzadə bağı ilə şəhərdə olan çar qoşun dəstələrinin rabitəsinə mane olmalı idi. İxtiyarımızda olan beş yüz bombanı dörd hissəyə təqsim etmişdik, onlardan iki yüzü mənim, iki yüzü Əmir Heşmətin, əllisi Əkbər Əkbərovun, əllisi də konsulxana ətrafında yerləşən Əsgər Miskinin ixtiyarında idi. Bu gün gürcü yoldaşların yeri boş idi, çünki bombaatanlar səkkiz nəfər olduğundan çox az idi. Bombaçılar Həsənağa, Tütünçüoğlu, Qərə Məlikli Süleyman, bir də dörd nəfər xalça fabriki işçilərindən idi. Bunları bomba atmağa 9-cu ildə biz öyrətmişdik. Səhər saat səkkizdən başlamış piyada, tüfəngli və ətəklərini kəmərlərinə taxmış kazaklar şəhərə çıxırdı. Çar qoşununun şəhər içərisinə girməsinə imkan vermək bütün cəbhələrə tapşırılmışdı. Üsyan başlandıqda çar ordusunun şəhər içərisində çəkdiyi telefon xəttindən istifadə ediləcəkdi, müharibə başlanar-başlanmaz rus ordusunun telefonları kəsilib üsyançılar cəbhəsi ilə rabitə saxlayacaq idi. Bunun üçün də vaxt ikən və müəyyən yerlərdə adamlar və aparatlar hazırlanmışdı. Saat doqquzda dörd min beş yüzə qədər rus qoşununun şəhər içərisinə yayıldığı xəbərini aldıq. Qoşun hissələri öz zabitlərinin komandası altında olaraq bütün şəhərdən xaric olacaq bəndələri işğal edir və gəlib-gedənləri saxlayıb, axtarırdılar. Bunların mühüm hərəkatı nəzmiyyənin ətrafında idi. Lakin nəzmiyyə boş idi, bütün nəzmiyyə nəfərləri ayaq üstündə idi. Atışma səsi birinci olaraq erməni tərəflərində başlandı. Şəhər bir anda dəhşətli gurultular içərisində qaldı, Saman meydanı, konsulxana ətrafında da bu gurultular eşidildi. Beş dəqiqədən sonra çar ordusunun telefonları üsyançı inqilabçılara xidmət etməyə başladı. Birinci olaraq Əmir Heşmətlə danışdım. O məni çağıraraq: – Şahzadə bağından metralyoz gətirilməsinə imkan verməyin. Küçələr düzdür, tələfatımız çox olar, – dedi. – Mümkün olduqca buraxmarıq. Başıpozuqların vuruşmaya buraxılmasına imkan verməyin. Onlar tez qaça bilər və başıpozuqluq törədər. Onları rusların arxasına keçmək və şaşırmaq üçün dar küçələrə göndər, – dedim. İkinci xəbəri Əkbər Əkbərov yoldaşdan aldım, o: – Məktəb tələbələri öyrənmiş soldatlar kimi vuruşurlar, dörd hücum qaytarmışıq, bomba ilə üç zabit öldürülmüşdür, – dedikdə Həsənağa gəlib məni aparatdan çağırdı və Şahzadə bağından metralyozlarla qoşun çıxarıldığını xəbər verdi. Küçələrdə bizim adamlardan bir kəs də olsa, görünmürdü, biz damların arxasında, xam kərpicdən tikilmiş pilləkən başlarında və başqa-başqa gizli yerlərdə yerləşmişdik. Dörd metralyoz lentləri və sair şeyləri ilə bərabər yüz nəfər atlı kazak Şahzadə bağından çıxıb sürətlə gəlirdilər. Yanımda Quzu Qurban adlı inadkar bir gənc durmuşdu. – Bir bomba ver! – dedim. O, bir böyük bolqar bombası gətirdi. Onu geri qaytarıb Təbrizdə düzəldilmiş bombalardan istədim, iki bomba gətirdi, birisini ona tapşırdım, digərini isə gözdən keçirdikdən sonra kazakların yürüdükləri yeri nişan aldım. Bomba cəhənnəm qiyaməti qopardı, onun səsini iki ildən bəri eşitmədiyimdən böyük bir nəşə aldım. Toz Təbriz dünyasını bürümüşdü, tozun yatmasını gözləmədim, çünki kazakların tozdan istifadə ilə metralyozları şəhərə keçirə bilməsinə ehtimal var idi. İkinci bombanı da atdım, bombanın hədəfindən eşitdiyim at və insan iniltilərindən kazakların birinci bombanın tüstü və tozundan istifadə ilə metralyozları keçirib şəhərə aparmaq istədikləri məlum oldu. Şiddətli tüfəng atışmaları başladı, toz yatmışdı, kazaklar bizi görmür, biz isə onları görür və hərəkətlərinə mane olurduq. Üçüncü bombanı Həsənağa atmışdı. Bağdan çıxan qoşun dəstələri bizim qarşımızdan keçə bilmədiklərindən istiqamətlərini dəyişərək, dar küçələrdən keçmək istəyirdi. Bunlar da Həsənağanın bombasına rast gəldi. Bizim cəbhəmizdə vuruşma yavaş-yavaş şiddət kəsb edirdi, ruslar yarım saatın içərisində Şahzadə bağının qabağında böyük istehkam düzəltməyə başladı. Onlar ortalıqda qalmış metralyozları geri qaytarmaq üçün beş kərə hücum etdilərsə də, müvəffəq ola bilmədilər. Bundan sonra onlar metralyozları nişan alıb dağıtmaq və onu bizə verməmək üçün saatlarca çalışdılar, vuruşdularsa, yenə də mümkün olmadı. Bizimkilər kəmənd atıb metralyozları evlərə çəkdilər. Ruslar bağda olan toplardan istifadə etmədilər, çünki üsyan qəfildən başlandığı və şəhərdə bir çox ingilis, Amerika, xüsusən rus təbəələri olduğundan şəhəri top atəşinə tutmağa cürət etmədilər. Təbriz ilə bütün dünyanın əlaqəsi kəsilmişdi. Çünki bütün teleqrafları kəsmişdik, ruslar ancaq simsiz teleqraf stansiyasından istifadə edirdi. Məni telefona çağırdılar, çağıran Əmir Heşmət idi. O: – Min nəfərdən artıq kazak və piyada soldat qırılmışdır. Müharibə davam edir, mövqeyimiz yaxşıdır, – dedi. Bundan sonra mən Əsgər Miskini və Əkbər yoldaşı telefona çağırdım, orada da rusların tamamilə müharsirəyə düşdüyü xəbərini verdilər. Həmin gecəni olduğumuz yerdə keçirdik, bir tərəfə hərəkət etmək mümkün deyildi, atışma səhərə qədər davam etdi. Bağdakı ruslar şəhər içindəki qoşun dəstələrini qurtarmaq üçün səhərə qədər vuruşdular. Gecə səhərə qədər Şahzadə bağından olan bir neçə hücumu qaytardıq. Mən və Həsənağa doxsan bomba atmışdıq, yorğunluqdan qollarımızı qaldıra bilmirdik... Yeməyimiz-içməyimiz, tədarükümüz hamısı vaxtında hazır olduğundan heç ehtiyac hiss edilmirdi. Gündüz saat doqquzda yenə də şiddətli atışma başlandı və axşama qədər davam etdi. Axşam saat altıda Şahzadə bağından musiqi səsləri eşidildi. Bunun dalınca da «ura», «ura» səsləri də gəldikdə mən yanımda olan adamlar vasitəsilə bağın ətrafındakı qüvvələrimizin hamısına hazır olmalarını sifariş verdim, çünki «ura» səsləri bağdan güclü qoşun dəstəsi çıxacağını bildirirdi. Beş dəqiqədən sonra Şahzadə bağından Abşeron alayının bayrağı çıxdı və onun altında da alay komandanı Smirnov qısa dəri kürkdə, ağ bir atın üstündə olaraq çıxdı, qoşuna komanda verdi. Qoşun üç hissəyə ayrıldı. Birisi şimal, digəri isə cənub tərəfimizə hücum etdi, həm şimal, həm də cənub tərəfdə şiddətli atışmalar başlandı. Biz şəhərə girən böyük yolun üzərində idik. Verilən təlimata görə, bizim cəbhəmizdən bir qurşun da olsa, atılmırdı. Ruslardan aldığımız pulemyotlardan ikisi şimal və cənubda şiddətli atəş açmışdı. Mən Smirnovu durbin ilə gözdən keçirdim, o da bizim yerləşdiyimiz mövqeləri gözdən keçirməkdə idi. Smirnov bizim mövqelərdəki sakitliyi görüb, bizim cənub və şimal cəbhələrdən toplanıb mərkəzi başlı-başına buraxdığımızı zənn etdi, buna görə də, təxminən, iki yüz süvari ilə şiddətli hücuma başladı. Smirnov yaxınlaşdı, o öz səadətini tapdığı Mahrunun birinci dəfə olaraq pənbə çöhrəsini gördüyü, onun kiçik incə əllərini öpdüyü yerə qədər gəldi. Burada məni ani, fəqət dərin bir düşüncə yaxaladı, mən Smirnovun burada Mahru ilə görüşdüyünü və onun bu barədəki söhbətlərini xatırladım. «Küçə qaranlıqlaşır, azançı minarədə son sözünü deyib bitirmək üzrə idi. Cənnətə bənzəyən Şərq evləri xam kərpicdən qayırılmış çirkli divarların qoynuna girib uyumaq istəyirdi». Mən də Smirnovun bu cümləsini xatırlayırkən, əlimdə böyük bomba ilə düşünürdüm, azançı da azanın son sözünü deməkdə idi. Mən bir kərə: – Azanını bitir! Müstəmləkə Şərqin boynunda imperialist zəncirləri qırmaq üçün sənin azanın deyil, üsyanın qəhqəhə vuran bombası lazımdır. Mənim bu sözlərimdən sonra at ayaqlarının səsi şiddətləndi, bir kərə: «İrəli» səsini eşitdim. Smirnov parlaq qılıncını sıyırıb atının sağ tərəfində tutmuşdu, o, başını yəhərin qaşına tərəf uzadıb atı məhmizləyir və «irəli» deyərək qışqırırdı. Mən əlimi yuxarı qaldıraraq yanıma saldıqda Smirnovun atının ayağı altından bir alov qalxdı, dumanlar, tozlar ətrafı bürüdü. Bir bağırtı eşitdim. Bu, Smirnovun bağırtısı idi. Mən səs gələn tərəfə üç bomba daha hədiyyə etdim. Atların, insanların iniltisi şiddətlə açılan qurşunların səsinə qalib gəlirdi. Müharibə tozlar, dumanlar içərisində gedirdi. Bir saatdan uzun çəkən bu vuruşmada ruslar bir neçə hücum daha etdilərsə, lakin hamısında tələfat verib geri çəkildilər. Bu hücumlar Smirnovun meyitini bağa aparmaq üçün idi, lakin bu, mümkün olmadı, çünki yüzlərcə at və soldat cəmdəklərinin içərisində gizlənən və köksü qatıq sərnici kimi parçalanan Smirnovu tapıb aparmaq çətin idi. * * * Təbrizlilərə müraciət «Təbriz xalqı! Yoxsullar, işçi və kəndlilər, peşəkar, ziyalı və təraqqipərvər ruhanilər! Çar hökumətinin müstəmləkə siyasəti bizi çarın işğal orduları ilə əlbəyaxa olmağa məcbur etdi. Hazırda biz çar soldatları əlində qırılır, öz növbəmizdə biz də onları öldürürük. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan rus soldatları da sizinlə müharibəyə məcburiyyətlə sürülür. Sizi mülkədar, əyan və varlı balaları, çar zabitləri qırdırır. Rus soldatlarını öz sinfinə qarşı çıxaran həbslər və edamlardır. Onlar uzaq Rusiyadan Yaxın Şərqə çar müstəmləkə siyasətini müdafiə üçün gətirilmişlər. Buna görə də siz rus işçi kəndlisinin doğma övladı rus soldatları ilə insan kimi rəftar edib, onların yaralanan və ölənlərinə hörmət göstərin. Onlara öz yaralılarınıza baxan kimi baxın, ölənlərin meyidlərini quyulara tökməkdən saqının! Bu gün silaha sarılaraq inqilabi mübarizəyə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil, rus xalqını da İran yoxsulları ilə birlikdə istismar edən çar hökuməti əleyhinədir. Onların da, bizim də çar hökumətinə qarşı apardığımız mübarizənin məqsədi birdir. Küçələrdə və meydançalarda təsadüf etdiyiniz rus yaralılarına ibtidai yardım veriniz: ölənləri qaldırıb müəyyən yerlərə qoyun, mədəni olun! Hər yerdə, hər işdə bir inqilabçı kimi hərəkət edin. Müvəqqəti hökumət yerini dolandıran və nəzmiyyə rəisi Əmir Heşmət». Belə bir müraciətnaməni buraxmağın böyük səbəbi var idi. Çar konsulu İranda yaşayan əcnəbilər, xüsusən Rusiya konsulxanası ilə heç bir əlaqəsi olmayan Rusiya təbəəsi arasında, iranlılar və eyni zamanda Təbriz inqilabçıları haqqında belə bir fikir hazırlamışdı: «Vəhşi və mədəniyyətsiz təbrizlilər mədəni avropalıları qırmağa və məhv etməyə hazırlaşır». Çar konsulunun avropalılar arasında belə bir şayiə yayması da çox da təəccüblü bir iş deyildi, çünki Şərq ölkələrinə müstəmləkəçilik fikri ilə soxulan bütün Avropa dövlətləri «vəhşi şərqliləri mədəniləşdirmək» və mədəni bəşəriyyəti «vəhşilərə qarşı müdafiə etmək üçün gəlirik» deyərək, istilaçılıq siyasətlərini mədəniyyət sözü arxasında gizlətməyə çalışırlar. Çar konsulu Təbrizdə inqilabçı nəzmiyyəni tərk-silah etmək istəyirdi, həmən yuxarıda göstərilən fitnəkar şüarını aralığa atmaqla müvəffəqiyyət qazanmışdı. Lakin Əmir Heşmətin inqilabçı nəzmiyyəsi özünün buraxdığı müraciətnaməsinə sadiq qaldı. O, bir nəfər də olsa avropalının və xüsusən Təbrizdəki rus xalqının zərər çəkməsinə imkan vermədi. O, sözdə deyil, işdə də göstərdi ki, Təbriz inqilabçısı rus xalqının deyil, rus xalqını qanlı cəbhələrə sürən və bununla da rus kapitalistlərinə yeni bazarlar axtaran Rusiya çarının əleyhinədir. Lakin Əmir Heşmətin nəzmiyyəsi üçgünlük müharibədə öz qarşısında yalnız rus soldatını deyil, çar konsulunun müxtəlif təbəqələrdən təşkil etdiyi könüllü ordunu da gördü. Onlar konsulxana işçiləri, konsulxana ilə əlaqədə olmayan, lakin konsulun Təbrizdə apardığı siyasətə yardımçı ruslar və çar təbəəsi sayılan, lakin rus olmayan şəxslər idi. Konsulxana mütərcimlərindən Mirzə Fətullah xan, konsulxana binasının damında düzəltdiyi səngərdə oturmuş, əlindəki üçaçılan tüfənglə hər gördüyü təbrizlini vurub yıxır və öldürdüklərini sayırdı. Üç gündən bəri bu tüfəngin səsini eşitməyən təbrizli yox idi. Mirzə Fətullah xanın qurbanları arasında bir nəfər də əlisilahlı yox idi, çünki ümumiyyətlə, çarpışma, konsulluqlar yerləşən məhəllələrdən çox uzaqda gedirdi. Mirzə Fətullah xanın öldürdüyü adamlar avam, heç bir siyasətə qoşulmayan, hətta vuruşma gedən sahələrə yaxın düşmək istəməyən təbrizlilər idi; bunların sayı 300 nəfəri keçirdi. Müharibədən sonra bu çar casusu «bir dənə də olsun gülləm boşa çıxmadı», – deyərək fəxr etməkdə idi. Üçgünlük qanlı vuruşmalar çar soldatları və kazaklarının məğlubiyyəti ilə nəticələndi. Çar ordusu üç qola ayrılmışdı: onların bir qolu Şahzadə bağına qapanmış, ikinci qolu darmadağın olmuş, üçüncü qolu isə karvansaralara çəkilərək atışırdı. Çarpışma sakit olar-olmaz, biz buraxdığımız müraciətnamənin nəticəsini yoxladıq və çox təəssüf ediləcək bir hadisənin şahidi olduq. Ölənlərin bir çoxu gizlədilmiş və quyulara tökülmüşdü. Bu xəyanətlə mübarizə aparmaq mümkün deyildi. Çünki bunu edən inqilabçı xalq deyil, yerli burjuaziya, seyidlər və ruhanilər idi. Onlar Təbriz inqilabçılarını vəhşi qələmə vermək siyasətini yürüdən konsulun yanında da üzüqara olmamaq üçün onun göstərişinə əməl etməklə, öz qapıları qarşısında düşən ölüləri götürüb gizlətmişlər. Biz Culfadan İran teleqrafxanası vasitəsilə verilən teleqramda Tiflisdən, Aleksandropol və Yerevandan Təbrizə gələn çar qoşun hissələrinin Araz çayını keçdiyi xəbərini aldıq. Buna görə də vaxt ikən qərara aldığımız üzrə Əmir Heşmətin nəzmiyyə dəstəsi və onunla bərabər bütün rəhbərlərinin Təbrizdən getməsi üçün tədbir tökməyə başladıq və əvvəlcə Təbrizdəki böyük dövlətlərin nümayəndələrinə bir məktub göndərdik. Çünki çar konsulu son hadisələrin məsuliyyətini Təbriz inqilabçılarının üzərinə yıxmağa çalışırdı. Bu məktubla biz istədiyimizə nail ola bilməyəcəkdik, çünki Təbrizdə mühüm rol oynayan konsullardan birisi İngiltərə konsulu idi ki, o da rus konsulunun Təbrizdəki cinayətlərinə şərik idi. Buna baxmayaraq, biz yenə də tarixi bir vəsiqə olmaq üzrə konsullara aşağıdakı məktubu göndərdik: «Böyük Dövlətlərin nümayəndələrinə Çar hökuməti Təbrizdə düzələn nəzmiyyə təşkilatını, müstəqil bir ölkədə düzələn bir təşkilat kimi tanıya bilmədi. Buna görə də nəzmiyyə işlərinə müdaxiləyə başlayaraq nəzmiyyə binasının damından telefon xətti çəkmək bəhanəsilə dörd nəfər nəzmiyyə nəfərini tərk-silah etdirdi. Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. Çünki Tehrandan Təbriz hökuməti başına göndərilən Müxbirüsəltənə, çar müdaxiləsi nəticəsində Təbrizdən getməyə məcbur olduğu və Tehrana qayıtdığı gündən bəri, onun yerində hazırkı nəzmiyyə rəisi Əmir Heşmət oturur. Çar konsulu, Müxbirüsəltənənin azad hərəkət yolunu davam etdirən Əmir Heşməti çəkə bilmədi. Lakin Əmir Heşməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna Müxbirüsəltənənin Təbrizdən qovulması kimi ucuz oturmadı, çar konsulu öz xain siyasəti nəticəsində minlərcə İran yoxsulunun, minlərcə də rus işçi və kəndlisinin məhvinə səbəb oldu. Təbrizlilər, keçmişdə olduğu kimi, bu son hadisə zamanında da, çar müstəmləkəçiliyinin qanlı təcavüzlərini həzm edə bilmədi. İran xalqının əhvali-ruhiyyəsi ilə və azad bir ölkənin istiqlaliyyəti ilə hesablaşmayan çar hökuməti Tehranda olduğu kimi, Təbrizdəki qanlı əməliyyatından dəxi özü üçün müsbət bir nəticə əldə edə bilmədi. Çar konsulxanası yeddinci illərdən başlayaraq İran Azərbaycanında olan bütün əks-inqilabçı qüvvələri öz ətrafına topladı. İrandan qovulmuş Məmmədəli şahı yenidən İrana gətirmək yolunda çalışdı, lakin yenə də məğlub oldu. Dörd ildən bəri əks-inqilab başında duran Hacı Səməd xan Şücaüddövlənin cinayətlərini idarə edən çar konsulluğu neçə aydır ki, ona çar hökumətinin yaylağı Nemətabadda ziyafətlər verir. Hacı Səməd xanın Təbrizə nə məqsədlə gətiriləcəyini əcnəbi dövlətlərin nümayəndələri bilməmiş deyil. Hacı Səməd xanı bir çar general-qubernatoru sifəti ilə Azərbaycan əyalətinə təyin etmək üçün Təbrizdə qanlı bir təbəddülatın yaranması və istiqlaliyyətin son nişanəsi olan nəzmiyyə təşkilatının darmadağın edilməsi lazım idi. Çar konsulu böyük qurbanlar verməsinə baxmayaraq, öz məqsədinə nail oldu, tarixin lənətlərinə layiq olan bir məsuliyyəti öhdəsinə götürməkdən çəkinmədi. Müvəqqəti hökumət yerini dolandıran və nəzmiyyə təşkilatı rəisi Əmir Heşmət. 5 məhərrəm 1328 hicri». * * * Matəmli günlər Mən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar. Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm. Onlar kişi paltarını çıxardıb yuyundular, öz libaslarını geyindilər, sonra da mən libasımı təmizlətdirməyə verdim. Nina və Təhminə xanım onları təmizləməkdə ikən mən də yuyundum. Bir stəkan çayı nə cür içdiyimi bilməmişdim, çünki gecəli-gündüzlü tamam dörd gün idi ki, uyumamışdıq, bir az rahat olmaq lazım idi. Qızlar Ninanın otağından çıxıb öz evlərinə getdikdən sonra bir az rahat olmaq istədim. Aradan bir az zaman keçməmişdi ki, qapının vurulmasını eşidərək yerimdən qalxdım. Ümumi otağa keçdikdə sərdar Rəşidin xidmətçisi Keçəçioğlunu orada oturmuş gördüm. O məni görən kimi ayağa qalxdı və sərdar Rəşid tərəfindən yazılmış məktubu uzatdı. Məktub farsca idi. «Cənab Əbülhəsənbəy! Xudavəndi-təbarəkü təalaya minlərcə şükürlər olsun ki, imperator hökuməti əleyhinə qiyam edən bir dəstə xain sakit oldu, həzrəti-seyidüşşühədanın tam matəminə zərbə vuran xainlər çəkilib, şəhəri başlı-başına buraxdı. Bu hadisələr səbəbinə dayandırdığım imam Hüseyn təziyəsini bu gündən etibarən başlamağa qərar verdim, çünki bizim bu böyük müsibətə əlahiddə bir müsibət də əlavə olundu: vələdəzzina inqilabçılar bizim bədbəxt Mahrunun əri Ağa İsmayılı da öldürmüş. Mərhum Ağa İsmayıl İskəndərzadənin qanı da məhərrəm sahibinin qanına qarışdı. Çox təvəqqə edirəm ki, Nina xanımı da alıb bizə təşrif gətirəsiniz. İraida xanım onun üçün həddindən artıq rahatsızdır; bəlkə, bu gün mərhumun cənazəsini də götürüb evə gətirdik, onun bizdən başqa bir kəsi yoxdur. Əzizlik etmək və əzizliklə dəfn etmək lazımdır. 5 məhərrəmül-həram 1328 hicri, Rəşid». Təhminə xanımı çağırıb evə göndərdim, özüm üçün hazır etdiyim İran paltarını gətirməsini də sifariş verdim. Nina, Sənubər, Töhfə və Nazenin xanımlara da qara paltar geyinmələrini tövsiyə etdim. Çünki onları da sərdar Rəşidin evinə aparacaq idim. Biz getməyə hazırlaşarkən konsulun faytonu qapıda dayandı. Faytonda gələn iranlı nökər 10 nəfərə himayə vəsiqəsi gətirmişdi. Həsənağa və Tütünçüoğlu da libasını dəyişib gəlmişdi. Himayə vəsiqələrini paylaşdırdıq. Artıq getməyə hazırdıq. Nina və yoldaşları tamamilə qara geyinmiş və başlarına təziyə əlaməti olaraq qara şal örtmüşdülər. Mən də qara libasda, başımda dəri börk, çiynimdə qara əba, əlimdə təsbeh çıxıb sərdar Rəşidin evinə yola düşdük. Sərdar Rəşid bizi çox şadlıqla qəbul etdi və onun birinci sözü bu oldu: – Mən çox məmnun oldum, çünki mənim Təbrizdə qohum-əqrəbam yoxdur. Özümün sizin kimi bir zatla qohum olduğumu bir nemət sayıram. Ağalar və xanımların zəhmət çəkib gəldikləri də mənim başımı uca elədi. Sərdar Rəşid, xüsusən mənim müsəlman libası geydiyim üçün çox razı qaldı, çünki o heç vaxt bunu ümid etmirdi. Nina qızlarla bərabər İraidanın otağına keçdi, biz isə sərdar Rəşid ilə bərabər mərsiyə üçün düzəlmiş salona daxil olduq. Salonda çox adam var idi. Bunların heç biri də sərdar Rəşidin tanışı deyildi. Söhbətlərin məzmunu da onu bildirməkdə idi. Bunlar ancaq çay içmək və qəlyan çəkmək üçün məhərrəmlikdə küçələri dolaşan və qapıda qara bayraq vurulduğunu görüb içəri girən adamlardı. Sərdar Rəşid çox yüksək bir fəxr ilə məni salondakılara təqdim etdi: – Bu cənab bizim aqrabamızdandır. Rus tərbiyəsi almış bir cavandır. Lakin bu, başqaları kimi dinini, məzhəbini atan adam deyil, çünki ağanın tayfası bir nəcib tayfadır. Sərdar Rəşid sonra da Həsənağa və Tütünçüoğlunu tanış verərək: – Öz adamlarımızdır, xanəyeki sayılan dostlarımızdır, – dedi. Əyləşdik, cərgədə oturanlar bizimlə salamlaşmağa başladı. Mən, doğrudan da, bu salamlaşma mərasimindən bir məzhəkə səhnəsindən alınan təsiri aldım. Bu qəribə salamlarda bir dəfə belə olsun salam sözünü eşitmədim. Salamlardan xatırımda ancaq bunları saxlaya bildim. Məsələn: – Ağa, mərhəmətiniz ziyad! – Ağaya bəndəçiliyimiz var! – Qurban şüma! – İltifatınız ziyad. – Ağa təşəkkürümüz var! – Əhval ağa və saire... Səssiz salamlar daha qəribə idi. Onlardan bəziləri əlini döşünə qoyaraq başını mənə tərəf əyirdi, bəzisi də boynunu uzadaraq salamı ancaq gözləri ilə verirdi. Məni hər şeydən artıq maraqlandıran həmin bu gözlə verilən salam idi, çünki bu salam və göz danışması yalnız təbrizliyə məxsusdur. Mən bu göz salamı ustasına çox diqqətlə baxırdım, çünki o, məclisə gələnlərin hamısına gözü ilə salam verirdi. O, boynun çevirib gözləri ilə salam verdiyi zaman gözünün qarası tamamilə yox olurdu. Nəhayət, daha başqa bir tərzlə salam verənlərdən biri məclisdə oturanlardan bir neçəsini gülməyə məcbur etdi. O, salam vermək üçün boynunu irəli verərkən bığının bir tayı aşağı, o biri isə yuxarı qalxdı. Bu salam sərdar Rəşidin özünü də güldürdü. Müxtəsər söz, təziyə məclisi adı ilə düzəlmiş bu oyunxana, mənim ömrümdə gördüyüm bütün oyunxanalardan daha əyləndirici idi. Salam verdikdə burnunu və qulağını tərpədənlər də var idi. Bir neçə dəqiqə də qəlyan xorultuları ilə çay qaşıqlarının səsini dinlədik. Mərsiyə oxumaq üçün çağırılan mərsiyəxanlar növbətlə yuxarı başda qurulmuş kürsüyə dırmanmağa başladı. Mən mərsiyələrin məzmun və mündərəcəsinə diqqət verirdim. Onların mərsiyəsində Kərbəla hadisəsinə dair bir kəlmə belə də olsa danışılmırdı. Birisi Bağdadda Harun ər Rəşidin zindanında can verən qərib imam Museyi-Kazımdan, o birisi Tus şəhərində Məmun xəlifənin zəhərlədiyi qərib imam Rzadan, başqası da qürbət vilayətdə öldürülən Müslüm ibn Əqildən, bir başqası da onun qürbət vilayətdə qohumsuz və qəbiləsiz öldürülən uşaqlarından və sairlərindən mərsiyələr oxuyurdu. Heç şübhə yoxdur ki, bu sifarişləri sərdar Rəşidin özü vermişdi. Qürbət vilayətdə öldürülən Aleksandr Smirnovun ölümünə ithaf olunmuş mərsiyələr bitdi. Mərsiyəxanların hər birisi beş qran pul alıb beş min dua verdikdən sonra çıxıb getdi. Salon boşaldı, İraida, Nina və qızlar salona gəldi. Məhərrəmlik münasibətilə İraida da qara libas geyinmiş və qara şal örtmüşdü. Sərdar Rəşid bir əli ilə Nina və o biri əli ilə də İraidanın qolundan tutaraq həddindən artıq bir fərəhlə mənə söylədi: – Sizə və bəndəyə dünyada bundan da artıq nemət qismət ola bilməzdi. Əgər dünya neməti buyurursunuz, budur bunlardır dünyanın neməti: nəciblikdə nəcib, gözəllikdə bütün dünyada misli görünməyən gözəllər. O ki, qaldı axirət məsələsinə, ağa, buradakı səvab bizim yetmiş arxadan abavü-əcdadımıza bəsdir. Bu iki xanımın islama müşərrəf olmaları bizim əlhəmdullah axirət məsələmizi təmin elədi, bu hadisə həm bizi axirətdə üzüağ elədi, həm də iki Allah bəndəsini haqq yola çağırıb cəhənnəm əzabından xilas elədi. Ağa, siz bir xudavəndi-aləmin qismətinə mültəfit olun. Gör insanı haradan gətirir və kimləri kimlərə qismət edir? Hələ İraida xanımın kəlmeyi-şəhadəti necə gözəl və dürüst öyrəndiyini mülahizə buyurmuş olsanız, daha da mütəəccib olacaqsınız. – Sərdar Rəşid bunu söyləyərək, İraidaya müraciətlə: – Xanım, indi sən öz kəlmeyi-şəhadətini ağaya oxu, qulaq assın, – dedikdə İraida məndən utandı, rəngi qızardı. Bir mənə, bir də Ninaya baxdıqdan sonra kəlmeyi-şəhadətini gətirməyə başladı: – Eşhedi enla ilaxe illallax-vexdexu laşarıqa lax! Mən İraidanın «müsəlmanlığını» təyin edəcək bu kəlmələri eşitdikdən sonra, sərdar Rəşidin əlini sıxdım, istehza etdiyimi gizlətməyə çalışaraq ehtiyatla: – Sizi təbrik edirəm! – dedim. – Bu müvəffəqiyyət hər iki dünyada sizin üçün kifayətdir. Ninaya bıçaq vursaydın qanı çıxmazdı. O, İraidanın keçirdiyi bu gülünc həyatı görürkən təbii halından çıxmağa başlamışdı. Mən onun İraidanı məzəmmət etməyə hazırlaşdığını hiss edən kimi, söhbətin mövzusunu dəyişdim və sərdar Rəşidə belə bir sual verdim: – Çox təəssüf edirəm ki, Mahru xanıma belə bir müsibət üz verdi. Lakin xanımı Şahzadə bağından tamam yığışdırıb gətirmək lazım deyildirmi? Sərdar Rəşid qəmli bir surətdə cavab verdi: – Bəndənin fikrinə görə, onu yığışdırıb evə gətirmək hələ tezdir. Adətimiz üzrə mərhum Ağa İsmayılın ölümündən qırx gün keçəndən sonra Mahru yığışıb evə gəlməlidir. Mənim eşitdiyimə görə, ruslarda da belə bir adət var imiş, lakin mən qızı başa sala bilmədim, o, sifariş göndərib ki, burada qala bilmirəm. Burada soldatlardan və zabitlərdən başqa bir kəs yoxdur. Naəlac qaldım. Onu gətirmək üçün fayton göndərmişəm. Mahrunun bağdan yığışıb gəlmək xəbəri mənə də, Ninaya da çox təsir etdi. Mahrunun mənə qarşı nə kimi vəziyyət alacağı, doğrudan da, bir az əngəlli və maraqlı məsələ idi. O mənə mühüm bir sirr vermişdi, o sirrin nəticəsində də çar ordusuna böyük bir zərbə dəymişdi. Bundan əlavə də Mahrunun təhriki ilə əri Aleksandr Smirnov fəci bir surətdə öldürülmüşdü. Hələlik bu facienin ona necə təsir etdiyini bilmirdim. Ancaq bunu bilirdim ki, Mahru Smirnovu çox sevir və bu sevgi səbəbi ilə də dinini, adət və ənənəsini ayaqlamış və bunlara Smirnovu əvəz etmişdi. Mahru Smirnovun Təbriz nəzmiyyəsini və eyni zamanda Təbriz inqilabını tərk-silah etdirmək istədiyi sirrini məndən başqa heç bir kəsə verməmişdi. Mənim bütün müqəddəratım bu qızdan və onda müsbət qəhrəmanlara məxsus qüvvətli və möhkəm iradənin olmasından asılı idi. Lakin mən Təbrizdə belə bir qızın hələlik mövcud olduğuna heç də inana bilmirdim. Çünki həqiqi canlı həyat o yana dursun, hələ Şərq ədəbiyyatında, kitablarda da belə möhkəm iradəli qadınlara çox az təsadüf edilir. Mən düşünərək özüm üçün ümid və istinad nöqtəsi aramağa başladım: «Bəlkə də, Şərq ədəbiyyatında belə bir qəhrəman qadın tapa bilərəm» – deyə Şərqin ən böyük hekayələri sayılan «Dörd dərviş» və «Min bir gecə» əsərlərini bir anda xatırımdan keçirdim və nəticədə ancaq onların müəlliflərinə qarşı böyük bir nifrət duydum. Çünki bu əsərlərdə möhkəm, iradəli bir qadın tipinə təsadüf edə bilmirdim; orada gündə birinə satılan və başqalarını da satan Dəlileyə Muxtalə, hamamçının arvadı və Seyidə Şəmsə kimi iradəsiz, sözünün sahibi olmayan, murdar və çirkin vicdanlı qadınlardan qeyri, başqa bir qadın tipini görə bilmədim. Qəlbim ümidsizlik, təlaş və həyəcan içərisində idi. Bunları sərdar Rəşidə sezdirməmək üçün mahir bir aktyor kimi davranmaq məcburiyyətində idim. Həmin bu anlarda mənim Şərq qadını və onun əhvali-ruhiyyəsini lazımınca öyrənməkdə bacarıqsızlığım yenə də gəlib gözümün qarşısında durdu. Şərqli bir qadına da illərdən bəri tanış olduğum Nina, yainki miss Hannaya yaxınlaşdığım kimi yaxınlaşmaqda, mən öz zənnimə görə səhv etmişdim; bu səhv də indiki fikrimə görə Mahru ilə iki axırıncıların arasındakı dərin və əsaslı fərqləri görməməkdən irəli gəlirdi. Mən özüm-özümə deyirdim: cəmiyyət içərisinə çıxmayan, ictimai həyatın xüsusiyyətlərini mənimsəməyə buraxılmayan şərqli bir qadın, cəmiyyət arasına çıxmış qərbli qadınla bir ola bilərmi? Şərqli qadından iradə, qüvvət, müstəqil düşüncə ummaq əqlə, məntiqə uyan şeymi? Mən örtülü gəzən hər bir şərqli qadınında özünəməxsus, hətta başqalarında təsadüf edilməyəcək müstəqil bir xüsusiyyət, qüvvət və iradə olduğuna və azacıq sonra fikirlərimin yanlışlığı ilə üz-üzə gələcəyimi bilmirdim. Buna görə də daxili həyəcanlar, təşvişlər və çırpıntılar içərisində çapaladığım halda Mahrunu gözləməkdə idim. Nəhayət, Mahrunu gətirmək üçün gedən fayton gəldi. Bir neçə saniyədən sonra Təbrizdəki son hadisənin qəhrəmanları burada üz-üzə gələcək idi. Mən yenə yanlış olduğunu sonradan anladığım şeylər düşünür və öz-özümə deyirdim: «İndi Mahru içəri girəcək, məni görən kimi öz sevgilisinin fəci ölümünü xatırlayacaq və onun qatilinə acı kəlmələrlə hücuma başlayacaqdır». Xidmətçilər içəri girdi, onun şeylərini gətirdilər, onların dalınca da Nina və İraida qolundan tutub Mahrunu otağa daxil etdi: Sərdar Rəşid: – Bədbəxt Mahru, – deyərək, onun qara saçlarını sığalladığı zaman, mən də Mahrunun gözlərinə diqqət edir, indidən onun əhvali-ruhiyyəsini öyrənməyə çalışırdım. Mahrunun dildə demək istəmədiyi sözləri çatma və qara qaşlarının arasında mövcud olan cizgilərdə oxumaq mümkün idi. Onun hər baxışından çəkilməz bir müsibətə qarşı döş gərdiyi və bundan da müdhiş bir ağırlıq hiss etdiyi aydınca sezilirdi. O, birdən-birə dönüb, kinli bir nəzərlə sərdar Rəşidi ayağından başına qədər gözdən keçirdi, bununla da biz onun sərdar Rəşidə qarşı dərin bir nifrət bəslədiyini anladıq. Mən indi keçmişdə hər bir baxışından bədii zövqlər aldığım bu Şərq gözəlinin, bu Şərq qızının, doğrudan da, tamam bir qəhrəman olduğunu görürdüm. Qara ipəklərə bürünmüş bu qəhrəman, sərdar Rəşidə baxışları və bu baxışların saçdığı sonsuz nifrətləri ilə çox qorxuncdu. Sonra Mahru gözlərini süzərək qara kirpiklərin arasından düşüncəli nəzərlərlə mənə baxdı. Mən irəli yeriyib onun əlini sıxdım. O mənim əlimi bir dost əlini sıxan kimi sıxdı, Ninaya tərəf döndü. Ninanın əlini sıxdığı zaman, mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. Mən qismən sakit olmuşdum. Buna görə də ona müraciətlə: – Mən sizi anlayıram, Mahru xanım! – dedim. – Sizin müsibətiniz olduqca ağırdır. Dərdlərinizə, kədərlərinizə şərik olduğumuzu sizə bildirməkdən başqa əlimizdən bir şey gəlməz. Özünüzə təsəlli veriniz, özünüzü ələ alınız. Mahru mənim əlimi bir daha səmimiyyətlə sıxdı: – Böyük hadisələr meydanı olan şəhərdə bir nəfər haqqında düşünmək artıqdır, – deyərək içəri otağa keçdi. Mahru mənə Şərq qadınları haqqındakı fikirlərimin tamam yanlış olduğunu sübut etmişdi. İctimai həyatda bir mövqeyə sahib olmamaq, evdə də ictimai həyatda olduğu kimi köləlik, yenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. Onda müstəqil düşüncə, şəxsiyyət və ideal vardı. Onda bu yolda mübarizə etməyə həvəs və qabiliyyət də yox deyildi. Bundan başqa, Mahru mənə bir şey də öyrətmişdi: «Qəhrəmanı yalnız romanlarda aramaq doğru fikir deyildi. Qəhrəmanı həyat yaratdığı üçün onu həyatda axtarmaq lazımdır!» Biz axşam saat doqquza qədər sərdar Rəşidin evində qaldıq. Lakin Aleksandr Smirnovun meyidini gətirmədilər. Onu konsulxanada saxlamışdılar. Vidalaşıb çıxdıq. Küçələrdə kimsə yox idi. Dünən axşam bütün şəhəri əlinə alan nəzmiyyədən bir nəfər də olsa görünmürdü, çünki onlar toplanmaq və səfərə çıxmaq əmrini almışdı. Nina İraidaya qarşı çox acıqlı idi. Mənə müraciətlə: – Bizim İraida da çar müstəmləkəçiliyinin bir alətidir, – dedi. Bir neçə gün əvvəl, «Gözəl Maşa» nəğmələrini oxuyub gurultu ilə keçən soldat oynağı olan küçələr indi başlı-başına idi. Dünən gecə pulemyot və tüfəngin səsləri bütün Təbrizi titrədirdi, bu gün o gurultuları Təbriz şəhərinin mərsiyə səsləri və «va Hüseyn» sədaları əvəz edirdi. Mən Ninanı və qızları evə düşürüb Məşədi Kazım ağanın evinə qayıtdım, onu böyük bir iztirab içərisində gördüm, çünki onun mənim müqəddəratımdan xəbəri yox idi. Mən ona axşam saat 11-də iclas çağırmasını tapşırdım və iclasa gələcək adamların siyahısını verdim. Dörd gündən bəri idi ki, nə mən, nə də Nina rus konsulxanasına getməmişdik. Konsulun nə kimi tədbirlər gördüyündən xəbərimiz yox idi. Buna görə də miss Hanna ilə təcili görüşüb, nə kimi siyasi xəbərlər olub-olmadığını öyrənməyi lazım bildim. Miss Hannanın evinə gedərkən heç bir adama təsadüf etmədim. Hər tərəfdə bir qəbiristan sükutu hökm-fərma idi. Nə bacalardan tüstü çıxır, nə də pəncərələrdən işıq gəlirdi: sanki bütün Təbriz palçıq damların altındakı yorğanına bürünüb yarınkı Təbriz haqqında düşünməkdə idi. Miss Hannanın qapısını vurdum, xidmətçi qadın qapıya çox təxirlə gəldi. O, qapının dalında durub: «Kimdir?» səslədiyi zaman, mən titrək səsindən onun nə qədər qorxduğunu duydum. – Madam, özgəsi deyil, – deyərkən, məni tanıdı və qapını açdı. Miss Hanna məni gördüyü zaman öz gözlərinə inanmırdı, mənim məhv olduğumu yəqin etmiş imiş, şadlığından ağladı və boynuma sarıldı. Miss Hannanın keçirdiyi həyəcanlı saatlara aid söylədiyi sözlər bir şairin şeiri qədər mövzun və səlis idi. Lakin onun gözəl və yalvarıcı səsi, mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz, ondan daha kədərli idi. Hər zaman səsini dinlərkən zövq duyduğum bu qızın indi hər bir kəlməsi, içərimdə ölüm xəbəri qədər acı təsirlər doğururdu. Nədənsə indi hər şey və hər kiçik təsadüf məni bədbin fikirlərə sala bilirdi, heç şeydə müsbət bir tərəf görmürdüm. Elə dalğındım ki, qızın evinə nə üçün gəldiyimi də unutmuşdum. Qız yenə də adəti üzrə əllərini çiynimə qoyaraq gözlərimə baxırdı, daima vücuduma toxunarkən yorğunluq və kədərlərimi unutduran əllər indi nədənsə çiyinlərimdə çəkilməz bir ağırlıq təşkil edir və bir elektrik qüvvəsi kimi varlığımı sarsıdırdı. Sevgilər, məhəbbətlər duyduğum göz bəbəkləri də sanki mənim ümidlərimə gülür və istehzalar yağdırırdı, kirpikləri isə bir neştər kimi göz bəbəklərimi yarmağa çalışırdı. Miss Hanna mənim son hadisələrlə əlaqədar olduğumu bilsəydi, Hafizin çox yerli olan bir misrasını mənim gözlərimin içinə oxumazdı. Xud koştəyi Hafizra, xud təziyə midari... (Yəni Hafizi özün öldürüb, özün də təziyəsini saxlayırsan...) Bu misra da məni adi vəziyyətimə qaytarmadı, bu şeir də zövqümə yabançı olan sözlər kimi ruhumu oxşamadan keçib getdi. Mən ancaq indi düşünürəm ki, şairləri bəzən müvəffəqiyyətsizliyə uğradan onların şeirinin zəifliyi deyil, ona qulaq asanların şeir dinləməyə marağı olmamasıdır. Mən indi anladım ki, gözəlliyi də, şeiri də insana bəyəndirən insanın ona olan maraq və iştahasıdır. Miss Hannanın uzun söhbətləri içərisində, mən ancaq: – Səni bir neçə gün buradan buraxmayacağam! – deməsini eşidə bildim və ondan soruşdum: – Nə üçün? – Çünki çar hökumətinin Təbriz barəsindəki düşüncəsi tamamilə başqadır. O, Təbriz xalqından qanlı bir intiqam almağa hazırlaşır. Təbriz xalqının başına gətiriləcək fəlakətin ağırlığını mən indidən təsəvvür edirəm. Çarın təbrizlilər haqqında görmək istədiyi tədbir, çar Rusiyası tərəfindən işğal edilməkdə olan bütün şimal və şərqi İrana bir dərs ola biləcək qədər dəhşətlidir... – Bu hadisədə xalqın təqsiri nədir? – Çünki həddindən artıq rus soldatı tələf olmuşdur. – Məsuliyyət kimin üzərindədir? Bu müharibəni ruslar özü başlamadımı? Nəzmiyyəni tərk-silah etdirən onlar deyildimi? Bu sözlərdən sonra miss Hanna: – Doğrudur! – dedi. – Əmir Heşmətin konsulxanalara göndərdiyi müraciətnamə olduqca doğru və yerindədir. Miss Hanna bu sözləri söylədi və Əmir Heşmətin müraciətnaməsini göstərib onu mənə oxudu və əlavə etdi: – Bunu tərcümə etdirib həm Tehrandakı Amerika səfirinə, həm də Vaşinqtonda xariciyyə nəzarətinə göndərdik. Bu hadisə bir daha göstərdi ki, Rusiyanın müstəmləkəçilik üsulu olduqca qabadır, bu kimi qabalığı mədəni İranda deyil, mədəniyyətsiz Afrika xalqları içərisində belə tətbiq etmək həyasızlıqdır. Rusiya konsulxanasında şəhərə veriləcək ultimatumun surəti düzəldilmişdir. Orada birinci tələb Əmir Heşmətin nəzmiyyə təşkilatı ilə birlikdə təslim edilməsindən ibarətdir. Zənnimcə, təbrizlilər öz cəzalarını yüngülləşdirmək üçün rus konsulunun bu mühüm tələbinə əməl eləməkdən boyun qaçırmayacaqdır. Lakin təbrizlilər bu xəyanəti öhdələrinə götürməməli və öz qəhrəmanlarını ələ verməməlidirlər. Bu gün saat dörddə rus konsulunun Amerika konsuluna verdiyi məlumata görə Tiflisdən Təbrizə göndərilən cəza dəstələri və hərbi səhra məhkəməsi gecə saat ikidə şəhərə daxil olacaqdır. Təbrizin vaxt ikən müəyyən edilmiş bir neçə məhəlləsinə yaylım top və tüfəng atəşi açılacaqdır, səni buradan buraxmaq istəmədiyimin də səbəbi budur. İndi üst paltarlarını soyun. Rahat ol! Eşikdə işin yoxdur. Mən qızın əlindən qurtarmağa tələsirdim, orada qala bilməyəcəkdim. Nəzmiyyəni və Əmir Heşməti şəhərdən çıxarmaq və inqilab rəhbərlərini çarın qanlı əlindən qurtarmaq üçün hazırlıq görmək lazım idi. Buna görə də mən qıza səmimi söz verdim: – Gedib yenə də qayıdaram. – İnana bilmirəm! – Sənə and içirəm! Gəlib şam yeməyini də burada yeyəcəyəm. – Hərgah gəlməsən özüm gəlib səni gətirəcəyəm! Çünki bu gecə təbrizli adı daşıyan və öz evində gecələyən hər bir nəfəri böyük bir fəlakət gözləyir. Bu kimi hadisələrdə insan özünü qorumalıdır. Mən yenə də: – Qayıdaram, əmin ol! Mən heç kəsdən qorxmuram. Hər kəs məni zərərsiz və bitərəf bir şəxsiyyət kimi tanıyır, özüm də xalqın düşündüyü kimi zərərsiz və bitərəfəm, – dedim. Saat on bir tamamda miss Hannadan ayrıldım. Bu gecə çağırdığımız iclas öz gündəlik müzakirəsi etibarilə ikinci iclasımız idi. Belə bir iclası biz Təbrizdən çıxdığımız və Səttar xandan ayrıldığımız zaman çağırmışdıq, biz bu ağır zəhərli anları ikinci kərə yaşamaqda idik. İnqilab rəhbərlərindən bir çoxu toplaşıb məni gözləyirdi. Rəhbərlərin gözündə, qazanılmış qalibiyyətdən zərrə də olsa bir əsər görünmürdü, çünki onlar Təbrizdən köçməyi və şəhəri ruslara buraxmağı özləri üçün bir məğlubiyyət hesab edirdi, halbuki qələbəni tamamlamaq və konsulun bütün nəzmiyyə təşkilatını əldə etmək arzularını məhv etmək üçün nəzmiyyə təşkilatının və onun rəhbərlərinin Təbrizdən köçüb getməsi lazım idi. İclası mən açdım. – Möhtərəm yoldaşlar! – dedim. – Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. Bir saat bundan əvvəl aldığım məlumata görə çar konsulunun Təbrizə verdiyi birinci tələbi inqilabçı nəzmiyyə təşkilatı və onun rəhbərlərini təslim etməkdən ibarət olacaqdır. Rusiya hökumətinə də bu lazımdır. Çünki sağlam qüvvətli rəhbəri olan xalqı müstəmləkə qanunlarına tabe etmək olduqca çətindir, buna görə də çar konsulu birinci növbədə Təbriz inqilabının rəhbərlərini məhv etməyə qərar vermişdir. Biz yuxarıda söylədiyimiz məsələləri bildiyimiz üçün də müharibəyə başlamadan əvvəl Təbrizdən çıxmaq üçün sizinlə bir qərar çıxarmışdıq. Qərarımız çox da uzun bir qərar deyil, zənnimcə, onu burada oturanlara bir daha oxuyaraq səsə qoymalıyıq, – dedim. – Oxuyun! Oxuyun! – səsləri hər tərəfdən eşidildi. Mən qərarı oxumağa başladım: Nəzmiyyə təşkilatını çar hökumətinə təslim etməyəcəyik! Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik! Çar hökuməti öz tələbələrini silah gücü ilə həyata keçirmək istərsə, onu silahlı qüvvə ilə qarşılamalıyıq! Silahlı vuruşmada iştirak edən nəzmiyyə təşkilatı əfradını son nəfərinə qədər Təbrizdən çıxarmalıyıq! İnqilabçı kütlələri ruh düşkünlüyünə salmamaq üçün, rəhbərlərin Təbrizdən çıxarılması və konsul əlinə verilməməsi haqqında qəti tədbirlər görməliyik. Silahların mühafizəsinə hər an hazır olmaq və çar hökumətinə təslim olunmaması üçün hazırlıq aparmalıyıq! Beşinci maddədən əlavə bütün maddələr qəbul olundu. Əvvəlcə dərman satan Hacı Əli beşinci maddəyə etiraz edərək dedi: – Mən yoldaşın bəzi fikirlərinə şərik deyiləm. Yoldaş deyir ki: «Rəhbərlərin çar hökumətinin əlində cəzalanması kütlələrin ruh düşkünlüyünə səbəb olar». İndi mən yoldaşa sual verirəm: buyursun görək, rəhbərlərin öz canını mühafizə üçün kütlələri başlı-başına buraxıb qaçması kütlələrin ruh düşkünlüyünə səbəb olmazmı? Məncə, belə bir ciddi zamanda biz kütlələri qoyub qaçsaq, kütlələr bizə nifrət bəslər və inqilabçıların öz canlarının qeydinə qaldığını haqlı bir surətdə isbata çalışar. Buna görə də mən nəzmiyyə təşkilatının Təbrizdən çıxmamasının və rəhbərlərin, kütlənin rəhbərliyində qalmasını təklif edirəm. Mən bu barədə uzun-uzadı mübahisə açmaq istəmirdim. Vaxt çox az idi, xüsusən bu təklifin Hacı Əli tərəfindən meydana atılması da gələcək mübahisələri nəticəsiz qoya bilərdi; çünki Hacı Əlinin sözünü qanun bilən rəhbərlər, bugünkü iclasda əksəriyyəti təşkil edirdi. Mirzə Əhməd Süheyli mənə belə bir sual verdi: – Rəfiqin özü də bizimlə bərabər köçüb gedəcəkdir, ya yox? – Hərgah iclas bu barədə qərar çıxarsa, mənim heç də etirazım yoxdur. Mənim bu cavabımdan iclasda olanların hamısı gözlərini Hacı Əlinin ağzına dikmişdi; onlar mənim köçüb-köçməməyim barəsində də Hacı Əlinin qərarını gözləyirdi. Axırda Hacı Əli danışdı və öz qərarını verdi: – Hərgah yoldaşın burada qalmasına imkan varsa, o vaxt mən də bunu təbrik edirəm, – dedi, – çünki onun buradan getməsi bizim təşkilatın tamamilə dağılması deməkdir. Bu qərar bir səslə qəbul olundu. Heç kəs danışmırdı, səs yox idi, qəlyanların səsi, çay qaşıqlarının cınqıltısı da susmuşdu. Mən: – Yenə də danışan vardırmı? – deyə iclasdakılara sual verdim. Lakin heç kəs danışmadı. Mən son sözlərimi deməli idim, çünki Təbriz inqilabının rəhbərləri hələ indi də çar hökumətinin Təbriz haqqında bəslədiyi arzularını bilmirdi; onlar yenə də iş çətinə düşəndə İngiltərə konsulxanasına sığınmaq, bir yol ilə özlərini çar zülmündən müdafiə etmək xülyasında idilər. – İndi keçənlər kimi deyil, – dedim. – Təbriz inqilabını boğmaqda Rusiya ilə İngiltərə arasında qəti bir saziş mövcuddur. Bu sazişə görə Rusiyanın nüfuz məntəqəsində partlayan hər bir üsyan hərəkətini Rusiyanın silahla yatırmasına İngiltərə icazə vermişdir. Mən illərdən bəri bir yerdə çalışdığımız yoldaşlara deməliyəm ki, iş rəhbərlərin cəzalanması məsələsinə gəlirkən, İngiltərə konsulxanası da qapılarını bağlayacaq və heç bir kəsi öz himayəsinə qəbul etməyəcəkdir. Biz bunu 9-cu ildə rusların ilk dəfə Təbrizə girdikləri zaman təcrübədən keçirdik. O zaman ingilislər öz qapılarını təbrizlilərin üzünə qapadı. Mən rica edərdim ki, bütün dediklərimi bəratülqolda qeyd edəsiniz. Çünki bütün rəhbərlərin boynu çar kəndirinə keçirildiyi zaman, Təbriz xalqı bu məsuliyyətin kimin öhdəsində qaldığını bilməlidir. Təbrizdən çıxmamaq rəhbərlər üçün gedib özünü çar məhkəməsinə təslim etmək, bilə-bilə inqilabı məğlub etdirmək və inqilab yolunda düşən qurbanları hədərə vermək deməkdi. Hərgah inqilab rəhbərləri öz inqilabçı nəzmiyyəsi ilə bərabər köçüb gedərsə, o vaxt var hökuməti də, inqilabçı qüvvələrin məhv edilmədiyi və onların öz rəhbərləri ilə bərabər daha qəti bir qiyama hazırlandığı faktını görər, bəlkə də, Təbrizdən almaq istədiyi intiqamın planını dəyişər, cəza qanunlarını yüngülləşdirər. İndi səsə qoyuram: kim Təbrizdən getmək tərəfdarıdırsa, əlini qaldırsın!.. Mən bu təklifi səsə qoyarkən Hacı Əli gülümsədi. Mən dərhal bu gülümsəmənin mənasını anlayaraq dedim: – Hacı bu təklifə gülür, doğrudan da, təklif gülünc bir təklifdir. Çünki Hacı Əlinin Təbrizdə qalmaq təklifi səsə qoyulmadan da qəti səslə qəbul edilmişdir. Lakin öz təklifimi səsə qoymalıyam. Bir zaman bu təkliflərin hər ikisini də İran inqilabının tarixi qeyd edəcəkdir. Mən yenə də ümid edirəm ki, Hacı Əli ağa bu tarixi məsuliyyəti öhdəsinə götürməyə cəsarət etməz və mənim təklifimə səs verər. Sözlərim fayda vermədi, mənim təklifimə səs verən ancaq İbrahimbəy Cahangirov, bir də Əmir Heşmət oldu. Daha danışmadım. Onlar məni anlamadı, anlamaq da istəmədi. Onlar bilmirdi ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. Burada oturanlar yüz illərcə aparılan mübarizənin məhsuludur. Onlar yersiz olaraq müvəqqəti geri çəkilməyi öz rəhbərlik qürurlarına sığışdıra bilmirdilər. Halbuki siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. İş bitdi. Bu söhbətlərdən sonra mən Əmir Heşmətə müraciətlə: – İndi də sizin səfər planınız müzakirəyə qoyulmalıdır, – dedim, – hara və nə cür getmək istəyirsiniz? Əmir Heşmət vaxtın azlığını nəzərə alaraq çox qısaca məlumat verdi: – Biz buradan Urmi şəhərinə gedəcək, hərgah lazım gəlirsə, Türkiyə hüduduna keçəcəyik. Maliyyə vəziyyətimizin zəifliyini nəzərə alaraq nəzmiyyə əfradının hamısını köçürə bilməyəcəyik. Mən Əmir Heşmətin bu fikirlərinə etiraz edərək: – Belə bir fikir yaramaz, – dedim, – əvvələn, siz Urmi şəhərinə getməməlisiniz. Mənim konsulxanadan əldə edilən vəsiqələrlə təyin etdiyimə görə hazırda Urmi hakimi İclalülmülk yüz faiz rus tərəfdarıdır. Siz Urmiyə yetişən kimi tərk-silah etdiriləcək, çar agentləri əlinə veriləcəksiniz. Buna görə də siz Səlmas şəhərinə getməli, Saray təriqi ilə Türkiyənin Başqələ tərəflərinə keçməlisiniz. Maliyyə işinin zəifliyini nəzərə alaraq nəzmiyyənin bir hissəsini Təbrizdə buraxmaq fikrinizə gəldikdə isə bu tamamilə yanlışdır. Siz ya tamamilə köçməli, yainki tamamilə Təbrizdə qalmalısınız. Nəzmiyyəni tamamilə köçürməmək fikri maliyyə işinin zəifliyindən doğmuşsa, onu mən islah edərəm. Maliyyə məsələsi ortalığa gəldiyi zaman iclasdakılar yenə sakitcəsinə durub gözlərini döyürdü. Canlarından artıq öz pullarının qeydinə qalanlar mənim nəzmiyyəyə maliyyə yardımı vermək təklifində bulunduğumdan qorxurdu. Onlar bir neçə gündən sonra bütün mallarının çar konsulxanasına, özlərinin isə dar ağacları altına çəkiləcəklərini bilmirdi. Nəhayət, mən onların pul vermək qorxusundan doğmuş həyacanını sakit elədim və Məşədi Kazım ağaya müraciətlə: – Əmanətləri gətiriniz, – dedim. Məşədi Kazım ağa qalxıb getdi. Mənim bu müraciətimdən iclasdakıların hamısı təəccüblü nəzərlərlə mənə baxırdı, çünki onlar inqilab təşkilatı əlində para vəsaitinin olmasından xəbərsiz idilər. On dəqiqə keçmədən Məşədi Kazım iki min manat osmanlı lirəsi, beş min tümən gümüş pul gətirib Əmir Heşmətə təslim verdi. – Bu az pul deyil, – dedim, – sizə yenə də lazım olduğu zaman yardım göstərəcəyik. Təşkilatı dağıtmayın. Çünki siz yenə də İrana qayıtmalısınız. Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisində çürüməkdədir. Salamat gedin! İran heç vaxt sizi unutmayacaqdır. Siz İran tarixinin qəhrəman adamlarısınız. Mənim salamımı təşkilatın bütün tərkibinə yetirin! Vidalaşdıq. İbrahimbəy Cahangirovun dodaqlarından öpərkən qulağıma bu sözlər dəydi: – Bir dəstə ilə gəlmişdim. Təkbaşıma qayıdıram. İran inqilabına verdiyim qurbanların içərisində gənc qardaşım Aydınpaşa da uyumaqdadır. * * * Qorxulu gecə Hara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm. Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu. Mən rəhbərlərin belə qorxulu gündə Təbrizdə qalmaq istədiyini bir həftə bundan əvvəl bilsəydim, çar Rusiyasına qarşı bu qədər geniş bir cəbhə açılmasına imkan verməz və qəti müharibə imkanı yaratmazdım. Biz az bir qüvvətlə meydan müharibəsinə çıxdığımız və çar istila ordusunu dağıtdığımız, tamamilə qalib çıxdığımız bir zamanda, rəhbərlərin əvvəlki sözlərinə əməl etməməsi və başlarını çar kəndirinə salmaq istəmələri, bütün zəhmətlərimizi hədərə verməklə bərabər, özümüzü də ağır və tarixi bir məsuliyyətin altında qoyurdu. Qapılar başındakı rəngbərəng bayraqlar bir bayramın nişanəsi deyildi. Bu kimi bayraqları bütün təhlükəli günlərdə konsulxana işçilərinin, çar rəiyyətləri və çar himayəsində olanların qapısında görmək olardı. Mən bu ingilis və çar bayraqlarına baxaraq keçir və düşünürdüm ki, Təbrizdə yalnız bu iki hökumətə arxalanaraq İran kəndlisini, İran yoxsulunu didmək və talamaq mümkündür. Almaniya, Avstriya, Türkiyə bayrağı görünmürdü, çünki Almaniya və Türkiyə kimi dövlətlərin bayrağında o qədər nüfuz yox idi. Türkiyə, Amerika və Almaniya bayrağı himayəsinə girənlər, yuxarıda göstərilən iki cahangirin himayəsindən qovulanlar idi. Bu «ingilis bayrağı, bu da çar bayrağı» deyə-deyə qapılara baxıb keçirdim. Axırda başımın üstündə bir Amerika bayrağının asıldığını gördükdə, miss Hannanın qapısında durduğumu anladım. Mən bu evə girməyə və vaxt keçirməyə məcbur idim. Çünki Ninanın evinə getmək mümkün deyildi. İçəri girdim. Ağır addımlarla balkona çıxdım. Miss Hanna balkona baxan buzlamış pəncərənin qarşısında durub məni uzun saatlarla gözləmiş və öz nəfəsi ilə qarşısında durduğu şüşənin buzlarını əritmişdi. İçəri girdikdə bura nə üçün gəldiyimi düşünürdüm, mən bu qorxulu gecədə Təbriz küçələrinə çıxmağın və uzun bir yolu gəlməyin nə qədər təhlükəli və qorxulu olduğunu belə hiss etməmişdim. Miss Hanna məni görən kimi xaç çəkərək: – İsaya şükür olsun ki, sənin, nəhayət, təhlükədən qurtardığına inana bildim. İndi bildim ki, sən çarın qanlı intiqamından salamat qaldın, – dedi. – Səni bir daha bayıra buraxmayacağam, çünki rusların cəza planlarında təqsirli olub-olmamaq nəzərə alınmır. Cəza hər bir təbrizli üçündür. Xalqı qorxutmaq və intiqam almaq üçün çar kəndirinə yüzlərcə boyun lazımdır; o boyun hər kəsin olursa-olsun, fərqi yoxdur. Paltomu xidmətçi qadına verib oturdum. Əl-üzümü yuyub-paltarımı təmizlətdimsə belə, yenə üst-başımdan barıt qoxusu gəlirdi. Qızın danışdığını eşidirdimsə də, nə dediyini təyin edə bilmirdim. Yumşaq divanın üzərində oturub zəif bir surətdə nəfəs alırdım. Yorğunluq məni bayılmaq dərəcəsinə gətirmişdi. Dışarı buraxdığım nəfəsimin geri dönəcəyinə belə əmin deyildim. Başımın üstündəki saatın zəngi də sanki çox uzaqlarda vururdu. Saat ikini vurduqda uzaqlara uçub gedən hislərim diksinərək, kədərlərlə əhatə edilmiş varlığıma qayıtdı. Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım, miss Hannanın gülərək, yuxulu gözlərimin içinə baxdığını gördüm. O: – Sən yorğunmusan? – deyə soruşduqda mən: – Yorğunam, həddindən artıq yorğunam! – dedim. – Məni bir neçə gün davam edən qanlı hadisələrin təsiri tamamilə yormuşdur. Miss Hanna yenə də gülümsünərək: – Səni barıt və dinamit qoxuları da rahatsız edər, – dedi. Miss Hanna mənim kim olduğuma müəyyən bir qənaət hasil edə bilməsə belə, son hadisələrdə iştirak etdiyimi təyin edə bilmişdi. – Belə də olmalıdır, – miss Hanna dedi, – madam ki, bura sənin vətənindir, onu müdafiə etməli və ona uzanmaqda olan istilaçı əlləri qırmalısan. İndi mənə söylə görüm yuyunmağa ehtiyacın vardırmı? – Vardır, – dedim. – Elə isə qalx, xidmətçi qadın vannanı hazırlamışdır. Qalx, yorğunluğunu unutmağa çalış! Sənin bu yorğunluğun özün üçün böyük bir şərəfdir. Mən onu öz düşüncəsindən sapdırmaq üçün: – Sənin düşündüklərindən çox uzaqdayam, – deyə vannaya keçdim. Vannada başımı əllərimin arasına alaraq oturmuşdum, birdən yaylım atəş səsi eşitdim, bu səsdən yorğunluğum qismən azaldı, çünki yaylım atəşi Əmir Heşmət dəstəsinin Təbrizdən sağ-salamat çıxmasına işarə idi. Əmir Heşmətə bunu tövsiyə etmişdim. Öz-özümə: Bir dəstə yaxasını qurtarıb getdi, qalanları isə məhv ediləcəkdir, – deyə suyun içərisindən dəli kimi çıxdım. Bağırmaq və çığırmaq dərəcəsinə gəlmişdim. Özümü daha da ağır hiss etməyə başladım, çünki bu qədər qanların məsuliyyəti mənim vicdanımın üzərinə düşürdü; mən yorğun vücudumu bir dağın siqləti altında hiss edirdim. Get-gedə dincəlməyə və qızın yeknəsəq sözlərini qavramağa başlayırdım. Qız sözünü yenə də son hadisələr üzərinə gətirərək: – Təşkilatları var imiş! – dedi. – Daxili düşmənlər imkan versəydi, bunlar İrana girmiş çar qüvvələrini lazımınca döyə bilərdi. Mən bu hadisələr zamanı belə bir qənaətə gəldim ki, iranlıları Şərqin başqa müstəmləkə xalqları ilə müqayisə etmək doğru deyildir. İranlılar müstəmləkəçilik üsulunun acılarını misirlilər, hindlilər, afrikalılar kimi sükutla həzm edə bilmirlər, onlar üsyan etməyi və təşkil olunmağı bacarırlar. Mən: – Bunun mühüm bir səbəbi vardır, – dedim, – bu səbəb başqa müstəmləkələrin xalqı üçün mümkün deyildir. İranlılar öz qonşuluğunda baş verən silahlı qiyamlardan ruhlanmaya bilməz. Rusiyada işçilərin çar hökumətinə qarşı düzəltdiyi qanlı çıxışlar, İran yoxsuluna, İran kəndlisinə təsirsiz qalmadı; onlardan bir çox şeylər öyrəndilər. İran inqilabçısı Rusiya inqilabçısının mübarizə üsullarını öyrəndi, Səttar xanın hərəkəti Rusiyadakı beşinci il inqilabından alınan dərslərin birinci imtahanı idi. O bu imtahanı çox gözəl bir surətdə verdi, xətti-hərəkətində zərrə qədər yanılmadı. O da öz qarşısında duran daxili və xarici maneələri bir inqilabçı kimi təsviyə etdi. Səttar xan daxili düşmənlə mübarizə etdiyi zaman, daxili düşmənlərə yardım verməkdə olan çar hökuməti ilə də müvəffəqiyyətlə mübarizədə bulundu, onların açıq müdaxiləsinə imkan vermədi. Mən bu sözləri danışırkən qız əlini yeməkdən saxlayıb fikrimlə razılaşmadığını bildirən nəzərlərlə mənə baxırdı. Axırda o: – Əziz dostum, işin eyibi də, nöqsanı da burasındadır, – dedi. – Mən və amerikalıların hamısı, İran inqilabının da Rusiya inqilabi hərəkatı zəminasində aparılmasına razı deyildik, biz bu fikri tamamilə yanlış bir fikir hesab edirik. İşçi ölkəsində doğulmuş bir hərəkatı, yüz faiz kəndli ölkəsi olan İranda tətbiq etmək fikri nəinki yanlış, hətta gülünc və uşaqcasına bir fikirdir. Hələ Rusiya kəndlisi ilə İran kəndlisini müqayisə etmək və bərabər tutmağın özü də gülüncdür, çünki İran kəndlisi Rusiya kəndlisinə görə ibtidai olduğu kimi, səviyyəcə də onlardan bir neçə qat geridədir. Bunları nəzərə alaraq, biz İrandakı inqilab hərəkatının Rusiya inqilabi hərəkatına əsaslandırılması təcrübəsini xəyanət hesab edirik. Sən inqilabçısan, deyilsən... – orasında işimiz yoxdur, hər halda iranlısan, özün də ziyalısan, belə bir fikrin intişarına çalışmalı və inqilabçıların yanlış fikrini özlərinə deməli və anlatmalısan. – Gözəl dostum, – dedim, – mən heç bir zaman yanlış fikrin intişarına çalışa bilmərəm, çünki sən öz fikrində yanılırsan. Miss Hanna mənə təəccüblə baxaraq: – Əcəba, sən məni nə üçün anlamaq istəmirsən? – xəbər aldı. – Mən səni çox gözəl anlayıram. Sənin və sənin fikrini intişar etmək istəyənlərin fikri İran inqilabını yanlış yollara çəkmək və onu inqilab hərəkatı təşkilindən uzaqlaşdırmaq deməkdir. Qız acıqla: – Xeyr, belə deyildir! – dedi. – Hər bir ölkənin inqilabını onun mədəni səviyyəsi və yaşayış şəraiti yaradır. Rusiya işçisinin nə mədəni səviyyəsi, nə də həyat şəraiti İrandakı şəraitlə bir deyildir, hətta onların tələb və istəkləri də başqadır. Rusiya işçisi «Rədd olsun mütləqiyyət! Məhv olsun çar üsuli-idarəsi!» – deyə bağırırsa, İran kəndlisi tamamilə başqa söz deməkdədir. Bunlar nə padşahlıq rejimi əleyhinə mübarizə aparır, nə də Rusiya işçisi kimi proletar diktaturası tələbini meydana sürür. O, yalnız bir padşahı düşürüb, digər bir padşahın taxta çıxmasını tələb edir. Rusiya işçisi çarlığa qarşı silahlı qiyamlar başladığı zaman, İran yoxsulu, İran kəndlisi padşahdan mərhəmət ricasında bulunur. Amerikalı qız yanlış fikirlərində daha da irəli gedərək çox yersiz bir surətdə Marksın nəzəriyyəsinə istinad etməklə dedi: – Mən, sənçə anlaşılmayan bu məsələni daha da aydın söyləmək istəyirəm. Deyəcəyim sözlərlə qane olacaqsan, çünki bu sözlərimi Marksın nəzəriyyəsinə istinad edərək deyirəm. «Hazırkı mübarizədə sinfi mübarizə mündəricəsi yoxdur. Ola da bilməz, çünki burada sənaye işçiləri yoxdur. Az-çox varsa da təşkil edilməmişdir». Bunları nəzərə alaraq, siz hazırkı inqilabı yerli şərait və yerli mündərəcə zəminasində aparmalı və inqilabı müdafiə edən ünsürlərin kimliyi ilə hesablaşmalısınız. Əksinə olaraq siz kütlələrin mədələri həzm edəməyəcək və səviyyələri əhatə edəməyəcək bir xətt-hərəkətlə meydana çıxmış oldunuz. Sizin səhviniz də burasındadır. Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim. Buna məndə bir maraq da yox idi. Onu təbliğ etmək və onun fikrini dəyişmək üçün uzun bir vaxt lazım olduğunu bilirdim. Bu mübahisənin ümumi hərəkət nöqteyi-nəzərindən əhəmiyyəti də yox idi. Danışdıqlarımız siyasi söhbətə miss Hanna yenə də öz eşqnaməsi ilə yekun vuracaq idi. Lakin mən iki şeydən birisini qəbul etməli idim ki, bu da ya sevgi fəlsəfələrini dinləmək, yainki siyasi mübahisə açmaq. Çünki miss Hanna başqa heç bir söhbəti xoşlamırdı. Mən siyasi söhbətlərin hamısında ona müqabilə edə bilərdim, onun səhvlərini göstərər və onu sükuta məcbur edərdim. Sevgi söhbətlərində isə o mənə qalib gəlirdi, daima məni susdururdu, mən heç bir zaman onun işlətdiyi hissi sözlərin qarşılığını tapa bilmirdim. Mən belə mövzulara əhəmiyyət vermirdim. Bəlkə, özümdə belə bir qabiliyyətin mövcud olduğuna da inanmırdım. Zatən kişilərdə öz sevgisini incəliklə ifadə edə biləcək qabiliyyət çox azdır. Çünki sevgi danışıqlarını canlandırmaq, sevgiyə aid ifadələri bəzəmək üçün bəzən yalvarmaq və göz yaşları tökmək də lazım gəlir ki, kişilər bunda qadınlar qədər bacarıqlı deyil. Hətta mən belə bir məsələni də düşünürdüm: miss Hannanın, yaxud bir başqa qızın öz sevgisini ifadə etmək üçün işlətdiyi kəlmələr o qədər incə, o qədər hissidir ki, o ancaq bir qadın ağzına yaraşar. Bütün bu cəhətlər məni sevgi söhbətlərindən boyun qaçırmaq və siyasi söhbətlərə imkan vermək məcburiyyəti qarşısında qoyurdu. Miss Hannaya müraciətlə: – Gözəl Hanna! – dedim. – Sənə bir dostluq tövsiyəsində bulunacağam. O tövsiyə bundan ibarətdir: vaxtın olduqca Rusiyada baş vermiş işçi hərəkatı tarixini oxumağın lazımdır. Sən Rusiyadakı inqilab hərəkatının tarixi ilə tanış olsaydın, Rusiya inqilab hərəkatının nə kimi yollarla gəlib hazırkı pilləyə çatdığını öyrənsəydin, İran inqilab hərəkatı ilə Rusiya inqilab hərəkatını müqayisə edərkən bu qədər dərin səhvlər buraxmazdın. Sənə sual verirəm: bir zaman Rusiya inqilabçısı da İranda olduğu kimi, padşahları öldürmək və terror təşkil etmək yolu ilə getmirdimi? Gözəl Hanna, bir düşün! Bir zaman Rusiya işçisi də, İran işçisinin müctəhidin dalına düşdüyü kimi keşişlərin arxasına düşüb çardan çörək və mərhəmət diləmək üçün getmirdimi? Rusiya işçisi bir çox qanlı imtahanlardan çıxaraq hədsiz qurbanlar verdikcə öz yolunu doğrultmadımı? Öz xətt-hərəkətini dəyişməklə silahlı qiyam və proletar diktaturası şüarını meydana atmadımı? İndi mənə söylə görüm, Təbriz inqilabının bugünkü təşkili, İran kəndlisi və İran zəhmətkeşlərinin silahlı qiyam üçün verdiyi müvəffəqiyyətli bir imtahan deyildirmi? Hanna, sən özün bir düşün! Xanları, mülkədarları döymək, onları öz mülkündən qovmaq, istismarçılara qarşı açıq nifrət bəsləmək, istismarçıları müdafiə edən padşahı taxtından düşürmək, onun ordusu ilə qanlı müharibələr aparmaq işlərinin hamısı Rusiyadakı beşinci il hərəkatının göstərdiyi yollar deyildirmi? Hərgah bu gün böyük dövlətlər işə müdaxilə edir, İran inqilabının inkişafına imkan vermirsə də, gələcəkdə İran inqilabı özünü toplayacaq və sarsılmaz bir qüvvətlə meydana çıxaraq öz məqsədinə nail olacaqdır. İranda hərəkatın kütləvi bir şəkil ala biləcəyinə heç də şübhə yoxdur; torpaq şəraiti İranda Rusiyada olduğundan daha pis haldadır. Bu şəraitin özü də İran kəndlisinin kütləvi bir surətdə inqilaba qoşulmasını təmin etməkdədir. Burada mübahisəli məsələ kütləvi və ümumi hərəkat nə zaman başlanacaqsa başlansın, yenə də öz baş xətti ilə irəli gedə biləcəkdir. Miss Hanna mənə bu söhbət üzərində uzun zaman dayanmaq imkanını vermədi, bir kərə: – Bəli, bəlkə də, gedə biləcəkdir, – deyərək qarşısında duran şərab piyaləsini qaldırdı. O, şərabı çox təxirlə, hətta damcı-damcı içirdi. Yarımçıq piyaləni gözləri qarşısına tutaraq piyalənin dalısından mənə baxır və gülümsəyirdi. Mən düşünürdüm, bir tərəfdən dünənki Təbrizi xatırlayır, o biri tərəfdən indi Təbrizin nə vəziyyətə düşəcəyini təsəvvür edirdim. Qarşımdakı təntənəli şam süfrəsini, bəzəkli və isti otaqları, gənc və gözəl bir qızı deyil, xatirəmdə canlanan qorxulu bir mənzərəni seyr edirdim. Amerikalı qızın çiynindən sallanan sarı hörüyün hər birisi mənə bir ilan kimi qıvrılıb indicə üzərimə atılacaqmış kimi gəlirdi. Tavandan asılan avizənin hər birisi dar ağacından asılan bir vücud kimi donub dururdu. Pərdələrin üzərindəki şir və pələng şəkilləri isə cana gəlməyə, fınxırıb üstümə atılmaq istəyənə oxşayırdı. Qarşımdakı süfrədə duran qabların hər biri isə mənə zəhərlə dolu kimi görünürdü. Qız mənim üzümə baxdıqca, İran hekayələrində oxuduğum cadugər və məkkarə qadınları xatırlayaraq qorxuya düşürdüm. Məni qara basırdı. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuş, mənim vəziyyətimə baxıb gülür və üzərimə məsxərələr yağdırırdı. Miss Hannanın söhbətləri qəlbimdə bir bayquş ulaması kimi qəmli təsirlər buraxırdı. Mən ancaq qızın bu sözlərini eşidə bildim: – Bəli, belə də olmalı idi! Əmir Heşmətin bu qiyamı tamamilə vaxtında partladı. Mən: – Bəli, belə də olmalı idi! – dedim. Qız davam etdi: – Doğrudan da, belə olmalı idi! Mənim də taleyim bunu istəmişdi. Gərək mən də sənə təsadüf edəydim. Bu müəmmaların içərisində qalaydım. Dünyada hər şey mümkündür. Lakin həyatda geri dönmək mümkün deyildir. Hərgah mümkün olsaydı, mən yenə də səadətli günlərimə qayıdardım. Mən ona sual verdim: – Hansı günlərə? – Culfada, Livarcanda olduğum günlərə! Çünki o zaman mən sənin üçün daha qiymətli idim. Sən mənim iradəm xaricində bir hərəkətdə bulunmayacağını mənə söyləmişdim. İndi isə mənim iradəm haman iradədir. Sən isə o iradə ilə hesablaşmaq istəmirsən, mən sənə tərəf bir addım atdıqca, sən məndən yüz addım uzaqlaşırsan. Mən sənin qəlbinə yol tapa bilmədim. Sənin kimliyini belə təyin etmək mümkün olmadı. Sən mənimlə dərdləşmirsən, bir-birimizlə dərdlərimizi bölüşdürməyə imkan vermirsən, biz qəlbən, ruhən bir-birimizə qarışa bilmədik. Əcəba, sən bu yabançı həyatı davam etdirməkdən yorulmadınmı? Söylə görüm bu uzun müddətdə sən mənim nə qədər saf, səmimi, təmizürəkli bir qız olduğumu təyin edə bilmədinmi? Mənim Şərqin uzaq bir guşəsində səndən başqa bir kimsəyə bağlanmadığımı və bir kimsəm olmadığını, yalnız səni özüm üçün yaxın dost seçdiyimi bilmədinmi? Bütün bunları bildiyin halda, məndən uzaqlaşmaq və mənimlə bir yabançı imişəm kimi davranmağın nə mənası vardır? Sən özün düşün, mən uzun zaman davam etdirdiyim bu yolun yarısından qayıda bilərəmmi? Miss Hannanın gözündə bir qətrə yaş parladı. Özünü toxtadaraq mənim qarşımdakı piyaləyə şərab doldurub dedi: – İç! İnsanların elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. Çünki müəyyən gələcəyə malik olmayan bir həyatın ayıqlığı da sərxoşluqdur. Zatən sərxoşluq edənlərin bir çoxu başgicəllandirici həyatın əyri-üyrü yollarında dolaşaraq ayıqlıq arayanlardır. Belə adamlar həyatdan yorğunluğunu çıxarmaq və yeni qüvvət toplayaraq yenə də bu çala-çuxur dünyada dolaşmaq üçün piyalələrlə ülfət etməyi lazım bilirlər. Sən də iç! Sən ancaq içdikdən sonra bu hay-küydən və çığır-bağırdan ibarət olan dünyanı unudacaq və hay-küylər içərisində itib gedən qəlb fəryadlarını dinləyə biləcəksən. O fəryadlar məhrumiyyətə uğramış arzulardan, uzun gecələrin əzici düşüncələrindən, sınmış, təhqir olunmuş qəlbin şikayətlərindən, məğlubiyyətin doğurduğu odlu ahlardan, aldanmış əməllərdən, acı dil yaralarından, haqsızlığa qarşı məcburiyyətlə təslim olan vicdanlardan çıxan, dinlənilməsi çox ağır olan bir səsdir. Sən al bu piyaləni, o səsləri dinləyə bilmək üçün iç! Miss Hanna bu sözləri deyib qurtarıncaya qədər piyaləni mənim gözümün qarşısında tutmuşdu; onu almamaq və geri qaytarmaq mümkün deyildi. Piyaləni əlimə alıb saxladım. Qız əlindəki şərabı içərkən gözləri yaşarmışdı. Mənə elə gəlirdi ki, indicə yaş qətrələri yanağından aşağıya doğru axacaq və piyalənin içinə töküləcəkdir. Miss Hanna ağlayırdı. Mən isə düşünürdüm. Sükut dərinləşdikcə, ruh üçün istirahət aradığımız piyalələr dəxi bizi qucağına alaraq həyatı heçliyə döndərən bir güzgünün qabağından keçirir, bədbinliyin qara qətifələrinə bürüməklə tanış olmadığımız bir dünyaya aparırdı. Mən hər şeyi unutmuşdum. Əlimdəki piyalə ilə əylənirdim. Çünki həyatın bütün ağırlıqlarını unutmaqda bu piyalənin mənə çox köməyi olacaqdı! Lakin bu mümkün deyildi. Mən sərxoş olaraq, həyatı unudub, onun təsirləri altından çıxa bilmirdim. Son günlərin qanlı hadisələri gözümün qarşısından çəkilmir, çar Rusiyasının sabahdan etibarən Təbrizdən alacağı intiqam xəyalımda canlanırdı. Bununla da gələcəyə olan bütün ümidlərim bir anın içində uçurumlara yuvarlanırdı. Bədbinlik və yəs mənə: – İç! – deyə əmr edirdi. Mən də içdim. Bir azdan sonra həyatın ağırlığı hiss edilməməyə başladı. İndi hər tərəfi ölüm bürümüş kimi idi. Mən bir pəncərənin qarşısında durmuşdum. Təsəvvür etmədiyim, indiyə qədər tanımadığım ağ qanadlı bir qız qarşımda nazlanır və qollarını açaraq məni haraya isə çağırırdı. Mən ona yaxınlaşdıqca, onun ağ qanadları qaralırdı; o, məni özü ilə bərabər sanki bildiyim və tanıdığım bu dünyadan daha müzlim, daha çirkin bir dünyaya sürükləyirdi, lakin mən ora getməyəcəkdim. Birdən necə oldusa əlimi cibimə atıb tapançamı aldım. Bir qurşun mənim bütün bu yəs və bədbinlik iztirablarıma son qoyacaqdı. Bu halda qarşımdakı qızın qışqırtısını eşitdim. O səs: – Dur, əvvəlcə məni öldür! – deyirdi. Bu müdhiş səs məni ayıldaraq varlığımı titrətdi. Əlimdən ağır bir şeyin yerə düşdüyünü eşidib diksindim. Kədərli zamanlarımda yaxalayıb məni intihara sürükləyən sərxoşluqdan tamamilə ayılmaqla, gözlərimi açdım və tapançamı Miss Hannanın əlində gördüm. Qız ağ ipək köynəyini yırtaraq köksünü açmış, tapançanı mənə uzatmaqla: – Əvvəl məni öldür! – deyib dəlicəsinə qışqırdı. Mən alnımdakı soyuq təri silərək tapançanı alıb cibimə qoydum. Miss Hanna başını stolun üzərinə qoyub ağlayırdı. Mən isə inqilab qəhrəmanı Səttar xanın dediklərini xatırlayırdım. Bir neçə il əvvəl qaradağlılar bütün şəhəri işğal etmiş və Dəvəçi əks-inqilabçıları da qəhrəmanın evini mühasirəyə almışdı. Bundan böhranlı, bundan ümidsiz bir dəqiqə görməmişdim. Biz hamımız deyirdik: Səttar xanın bütün çıxış yolu kəsilmişdir. O, düşmən əlinə düşməmək üçün intihar edəcəkdir. Fəqət o bir an belə olsun ruhdan düşmürdü. Bir az atışdıqdan sonra tüfəngi bucağa söykəyib: – Mirzə Məhəmməd, bir qəlyan gətir, – deyə mücahidlərdən birisinə müraciət etdi. Qəlyana bir neçə nəfəs vurduqdan sonra sözə başlayaraq: – Mən çətin və qorxulu günlərin Səttar xanıyam, qorxusuz günlərdə minlərcə Səttar xanlar tapmaq olar! – dedi. Onun vaxtilə söylədiyi bu söz, məni lap özümə gətirdi. Ruhuma, vicdanıma yeni bir təkan verdi, əzmimi, mətanətimi, istiqbala olan ümidlərimi özümə qaytardı. Mən indi gənc qızı narahat etdiyimdən utanaraq, özüm-özümə nifrət bəsləyirdim. Onun başını stoldan qaldıraraq köksümə aldım və sarı saçlarını sığallayaraq dedim: – Biz bu gecə həyatda öz acizliyi nəticəsində yorulanların yolu ilə getdik. Bu yolun axırında iki nöqtə durur, onlardan birisi səfalət, digəri isə intihardır. Şərab insanların kədərlərinə ölüm və səfalətlə yekun vuran birinci amildir. O, iradəsiz adamları daha tez məğlub edə bilir. Biz bu gecə şərabın səfalət və intihar amili olduğunu öz üzərimizdə təcrübədən keçirdik. Qızı yuxu aparmışdı, mən onu rahatsız etməmək üçün yerimdən qımıldanmırdım. Onun başı mənim köksümdə ikən ürəyinin adi surətdə döyündüyünü hiss edirdim. O, bəlkə də, günəş çıxıncaya qədər yatacaq idi. Lakin bütün Təbriz mühitini tərpədən bir zəlzələ buna imkan vermədi. Biri digərini təqib edən top və pulemyot gurultuları qızın yuxusuna mane oldu. O, başını köksümdən qaldıraraq: – Bu nə qiyamətdir? – deyə soruşduqda mən: – Çar cəza dəstələri şəhərə girib, məhəllələri bombardman etməkdədirlər, – dedim. * * * Üfüq yeni işıqlanırdı. Evə qayıtmaq lazım idi. Mən miss Hannanın təkidlərinə qulaq verməyərək oradan bayıra çıxdım. Təbriz xalqı qorxusundan küçəyə çıxmamışdı. Hətta azançıların səsi də eşidilmirdi. Hamamların, məscidlərin qapısı da bağlı idi. Şəhərə daxil olmuş çar cəza dəstələri də hələ vəziyyətə hakim deyildi. Onlar Şahzadə bağından dışarı çıxmamışdılar. Böyük şəhərdə əvvəlki gurultudan heç bir əsər qalmamışdı. Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi. Evə gəldim. Nə Məşədi Kazım ağa, nə Ələkbər yoldaş, nə də onun ailəsi yatmışdı. Onlar mənim başıma bir fəlakət gəldiyi fikri ilə rahatsız idilər. Səhər çayı hazır idi. Ancaq çayı kim içəcək idi? Stol üzərində duran samovar can verməkdə olan bir xəstə kimi son sözlərini deyirdi. Mənə bir məktub verdilər. Məktubu Culfadan Ağa Məhəmmədhüseyn Hacıyev yazmışdı. Mən onu çox sevirdim. O, çox zəif və ixtiyar olduğuna baxmayaraq, Təbriz inqilabında yüksək ruhlu bir gənc qədər çalışmaqda idi. Buna görə də onun məktubu məni həddindən artıq sevindirdi. Çoxdan bəri Culfadakı yoldaşlardan da xəbərimiz yox idi. Kimlərin həbs edildiyini və kimlərin yaxasını qurtarıb qaçdığını bilmirdik. Çar hökuməti İran inqilabında böyük yararlıq göstərən Culfa qrupuna çox ciddi nəzarət təşkil etmişdi. Burada pristav Yeşşolt, Rzaqulubəy Teymurbəyov və uryadnik Semaşkov, jandarm polkovniki İştraube, onun xəfiyyələri olan naxçıvanlı Rzayev qardaşları, bulqanlı İsmayıl, naçalnik Zençenko, onun mütərcimi Mirzə Hüseyn Novruzov, İran konsulu vəzifəsini daşıyan, eyni zamanda çar casusu olan Rəufbəy Culfada yaşayan inqilabçılara göz verir, işıq vermirdilər. Mən Ağa Məhəmmədhüseyndən aldığım məktubda yoldaşların vəziyyətinə aid bir məlumat ala biləcəyimi düşünürdüm. Məktub çox qəmgin bir rübai ilə başlanmışdı: «Ey çərxi-fələk dəvəndəki mara koşt, Bər dərgahi-xəlq, bəndəgi mara koşt; İn zilləti-ruzigar, in töhməti-xalq, Ey mərg, biya ki, zindəgi mara koşt! Əziz və möhtərəm dostumuz! Uzun məktub oxumağa nə sənin vaxtın vardır, nə də mənim yazmağa hövsələm. Sürgündəkilər sürgündə, həbsxanadakılar həbsxanada, azadlıqda qalanlar isə polis və jandarmların sıxı nəzarəti altında. Mən çar ordusunun Təbrizdə nə kimi həyasızlıqlar edəcəyini təsəvvür edirəm. Biz Təbrizdə qiyam başlandığını İran teleqrafxanası vasitəsilə bildik. Əmir Heşmətin Təbrizdən çıxarılması üçün təşəbbüs edilsəydi daha gözəl olardı. Hərgah sizin üçün bir qorxu hiss edilərsə, Təbrizi buraxıb Livarcan tərəflərinə gəl. Bütün yoldaşlar da bunu məsləhət görür; buralarda gizlənmək mümkündür. Məşədi Səttar Zeynalabdinov Təbrizə getdi. Bunun üçün də sənə para göndərdik. Əmir Heşmətin məsələsi haqqında bizə təcili surətdə xəbər ver. Hərəkəti dayandırmaq lazımdır. Belə dar və qorxulu zamanlarda təbrizlilərin əhd-peymanına inanmaq yaramaz, onlar nə qədər təşkil olmağı, inqilab bayrağı altına toplanmağı bacarırsa, lazım gəldiyi zaman öz dostlarını satmağı da bacarırlar. Çünki biz 7-ci illərdən başlayaraq 9-cu illərə qədər bunu bir neçə kərə təcrübədən keçirdik. Ələkbər yoldaşın Təbrizdə qalması məsləhətdir. Onu burada aramaqdadırlar. Onun düşmənləri olan Hacı Məhəmmədrza uşaqları rus qoşununun İrana keçməsi münasibətilə təzə qüvvət toplamışlar. Bu gün Şüca kəndindən gələn var idi. Ələkbər yoldaşın ailəsi salamatdır. Hər cəhətcə təmin olunmuşlar. Haqverdi rəhmətliyin ailəsi də sağ-salamat yaşamaqdadır. Məktubu hərbi ləvazimat daşıyan şoferlə göndərdim. O bizim yoldaşımızdır. Cavabı da onunla göndərərsən. Hərgah mümkün olmazsa, İran Culfasından znuzlu Mirisa qardaşlarının mağazasına göndər. Bundan sonra İran teleqrafxanası vasitəsilə heç bir iş görməməlisiniz. Artıq oranın vasitəsilə gələn bütün teleqramları təftiş edirlər. Bütün yoldaşların sizə salamı vardır. Culfa, 3 məhərrəm. Məhəmmədhüseyn». * * * «Rəhm olunmasın!» Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi: «Üsyançı təbrizlilərə rəhm olunmasın!» Belə bir teleqram olmadan da, biz çar hökumətinin məqsədini bilirdik. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı. Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. Ələkbər yoldaşla bərabər şəhərə çıxmışdıq. Rusların nə kimi hərəkətdə bulunduqlarını öyrənmək istəyirdik. Küçələrdə çar soldatı və çar kazakları qaynaşırdı. Küçələrin tini, dar keçidlər, meydançalar və dalanların hamısında kazaklar durmuşdu. 1907-ci il 31 avqust müqaviləsi ilə «səlahiyyət» qazanmış çar, öz nüfuz məntəqəsi sayılan Təbrizi sakit etməyə və İran istiqlaliyyətinin «toxunulmaz» olduğunu isbat etməyə gəlmişdi. Mən və Ələkbər yoldaş şəhərə çıxdığımız vaxt «toxunulmaz» sözünün necə həyata keçirildiyini görmək istəyirdik. Küçələrdən keçən dinc əhalidən vəsiqə istənilirdi. Əhalidə vəsiqə haradan olmalıdır? Onlara vəsiqəni kim paylamışdır? Vəsiqəsi olmayanlarla, libasına görə rəftar edilirdi. Libas yeni isə saatı, parası alınır, etiraz etdiyi təqdirdə Şahzadə bağına sürülür, bəzən lazımınca döyülüb buraxılırdı. Qadınların qadın olmasını təyin etmək üçün çadraları açılıb üzünə baxılırdı. Çar konsulu, Əmir Heşmət nəzmiyyəsinin Təbrizdə gizlənildiyinə inanırdı, buna görə də onların paltarlarını dəyişib Təbrizdən çıxmış olduqları fikirlərinə gəlmirdi. Uzunətək kazakların molla cibindən dərin olan cibləri dilənçi torbası kimi ağzına qədər saat, üzük, gümüş və altun para ilə dolmuşdu. Bu qarət qeyri-rəsmi qarət idi. Biz rəsmi qarətləri görməklə də maraqlanırdıq. Yolumuzu hərəmxana küçəsindən saldıq, çünki nəzmiyyənin yerləşdiyi bina bu tərəflərdə idi. Nəzmiyyə idarəsi çar əsgərləri tərəfindən işğal edilmişdi. Zatən orada əski stollardan başqa bir şey də yox idi. Arxiv və lazımi vəsiqələr vaxt ikən götürülüb gizlədilmişdi. Zabitlər nə qədər axtarmışdısa, vəsiqə adlı bir parça kağız belə əldə edə bilməmişdi. Onların yerli-yersiz ana söyüşləri də həmin bu məhrumiyyətin nəticəsi idi. Üst-başını təmizləyə-təmizləyə çıxan bir zabit: – Köpək oğlanlarının nə özləri tapıldı, nə də izləri! Divardan asılan aparatsız telefon tellərindən başqa bir şey yoxdur, – deyirdi. Çar konsulu nəzmiyyəni əldə edə bilmədi; ancaq çoxdan bəri daşıdığı bir arzuya nail ola bildi. Konsul çoxdan Səttar xandan intiqam almağa çalışırdı. Bu onun üçün mümkün olmadı. Çünki Səttar xan Tehrana gedəndən sonra da Təbriz şəhəri inqilabçılar əlində idi. Bu gün konsul həmin fürsəti əldə edə bilmişdi... Səttar xan Tehrana köçdükdə, ev əşyasını aparmamışdı, çünki o, yenə Təbrizə qayıtmağa çalışırdı. Çar konsulu isə birinci növbədə inqilab qəhrəmanının əşyasını qarət eləmək və evini dağıtdırmaqla Təbriz xalqının üsyançı ruhunu öldürməyə çalışırdı. Əmrəxiz məhəlləsinə gəldiyimiz vaxt Səttar xanın qapısında bir neçə yük maşını durduğunu gördük. Bura həddindən artıq camaat toplanmışdı. Onlar inqilab qəhrəmanı Səttar xanın evinin nə cürə qarət olunmasına tamaşa edirdilər. Nizəli soldatların dağılmaq əmri verməsinə baxmayaraq, qapı ətrafındakı adamların sayı get-gedə artırdı. Bu camaatı bu qapıda biz birinci dəfə deyil, bir çox dəfələrlə görmüşdük. Bunlar hər gün Səttar xanın qapısında toplanaraq: «Zindəbad məşrutə! Zindəbad Sərdari-milli!» – deyən məsləksiz, əqidəsiz, vicdansız və satqınlığa öyrənmiş qaragürüh idi. Çar hökuməti üçün ən adi bir iş olan bu qarətə biz yana-yana baxır, lakin təəccüb etmirdik. Bizi ən çox heyrətə salan, Səttar xanın evinin dağıdılmasına tamaşa üçün toplanan arsızların söhbəti idi. Onların söhbətləri: – Ağa bədbaxtlıq burasındadır ki, haramzadanın özü Təbrizdə olmadı. Qaçıb Tehrana getməsəydi, elə özünü də tutub qoyacaq idilər bu şeylərinin üstünə, gözəl qulaqburması verəcəkdilər. – Gədə, bunların başına hava gəlmişdi. Bunlar imperator kimi böyük bir padşah ilə zarafat eləyirdi. – Ağa, Təbrizdə beş-on nəfər əclaf ilə bacarmaq olmur. – Belə ha! Hökumətə ilişiri, müctəhidə ilişiri, dinə, məzhəbə ücəşiri, imama, peyğəmbərə badalax atırı, axırda da tora düşiri. – Hələ bir çoxlarına qulaqburması vermək lazım gəlir. – Hərgah məşrutə islam dininə mütabiqdir, daha bizə məşrutə nə lazımdır, islam dininin özü məşrutə deyildirmi? Hərgah məşrutə islam dininə müxalifdir, xudavəndi-aləmin özü onu sərnigun buyurdu. – Hər kəs nə deyir qoy desin; urusun təklikdə bunlara gücü düşməzdi. Burada ingilis barmağı da var. – Əlbəttə ki var, ağa, bu yekəlikdə islam milləti sahibsiz deyil ki, bunların bir sahibi vardır, ya yox? – Rəhmətlik Şahi-şəhid sağ olsaydı, yenə də belə olmazdı. – Elə mən də bunu deyirəm də, bəs ingilis kimdir? Hələ siz indiyə kimi bilməmisinizmi? Onda ki, Şahi-şəhid İngilistana təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən xeylağı idi. Ağa, vurdu bu arvad Şahi-şəhidə bir könüldən min könülə aşıq oldu. Şahi-şəhid orada qonaq olduğu zaman, gecənin bir zamanı ingilis padşahı yavaşca qapını açıb barmaqları üstündə gəlib Şahi-şəhidin fəraşına. Şahi-şəhid dərhal bunu hiss buyurub yerindən qalxıb və deyib: «Ey çəpəli-qiysubridə gecənin bu zamanı mənim fəraşımda nə iş görürsən?» Ağa, ingilis padşahı elə ki, Şahi-şəhidin mütəğəyyir olduğuna mültəfit olur, durur Şahi-şəhidə öz vaqiəsində gördüyü röyanı nəql eyləməyə. Ağa, ingilis padşahının deməsinə görə, həzrəti İsa gəlib onun yuxusuna və deyib ki, istəyirsən sənin padşahlığını bu saatda əlindən alıb təxtini tabuta, tacını çürük kəllə tasına döndərim? Sən necə cürət etdin ki, öz evində qonaq yatan buzurgüvarın tək rəxt-xabda yatmasına razı oldun? Dur get onun rəxt-xabına! Mən necə ki, Allah-taalanın peyğəmbəri sənə müjdə verirəm. Sənə o buzurgüvardan bir övladi-zükur kəramət edəcəyəm ki, o İngilistanda padşah olacaq və bütün millətini öz himayəsi altına alacaqdır. Ağa, Şahi-şəhid elə ki, bu vaqiəni eşidib neçə dəfə salavat xətm buyurandan sonra, əlini əlinə çalıb xadimini çağırır və əmr edir ki, get bu saatda o biri otaqdan Sultanülvaizini hüzuruma çağır. Bir necə dəqiqədən sonra Sultanülvaizin siğəyi-mütəni cari buyurub gedir. Ağa, vurdu bu əhvalatdan doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə keçəndən sonra, xudavandi aləm, Şahi-şəhidə ingilis padşahından bir övladi-zükur kəramət buyurdu. O da indi haman ingilis padşahıdır. Bunu danmarıx ki... Biz orada durduğumuz zaman Şahi-şəhidin səfərləri haqqında daha bir çox sözlər eşitdik. II Nikolay da Şahi-şəhidin oğlu imiş. Şah Frəngistana getdiyi zaman III Aleksandra da qonaq olmuş imiş, Nikolay da III Aleksandrın arvadı boynuna Şahi-şəhiddən düşmüş imiş. Odur ki, o da qoşununu gətirib öz ata haqqını, ata irsini tələb edir. Rəhmətlik Müzəffərəddin şah öz sağlığında öz qardaşı Nikolayın payını bölüb özünə vermişdi. Rəşt, Gilan, Azərbaycan Nikolayın atadan yetişən irsi imiş. Bunu Şahi-şəhidin özü də öləndə vəsiyyət etmiş imiş. Amma məşrutəçilər buna razı olmadılar. Kişinin ata irsini vermək istəmədilər. İndi kişilər gəlib öz malına sahib olur. Ağa, haqqıdır da, danmırıx ki. Demək, İran avamlarının beynində və şüurunda yerləşən bu fəlsəfəyə görə, cənubi İranı da ingilis padşahı, öz ata irsi deyərək işğal etmişdi. Biz bu söhbətlərə qulaq verir və Səttar xanın bu kimi ibtidai düşüncəyə malik olan kütlələrə arxalanaraq inqilab etməsini, indi böyük bir möcüzə hesab edirdik. Danışmaqda olan bu həyulaların diqqət-nəzərini yeni bir hadisə cəlb elədi. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. Bir nəfər oxuya-oxuya gəlirdi: – Kor Əsgərdir! Kor Əsgərdir! – Səsləri eşidilməkdə idi. Hər kəs bir sözü təkrar edirdi: – Gədə, gör nə gözəl oxuyuru. – Özü yazırı. – Əlbəttə ki, özü yazırı. – Sinədəftər oxuyuru. – Heç savadı-zadı da yoxdur. – Allah vergisidir. Mən və Ələkbər yoldaş kor Əsgərdəki «Allah vergisi»nin məhsulu olan şeirlərini dinləmək üçün hamıdan artıq maraqlanırdıq. Kor Əsgər gəlib Səttar xanın şeylərini daşımaq üçün duran yük maşınlarının yanında dayandı. Onun əlindən gözlərinə kimi keçəl yarası basmış bir oğlan yapışmışdı, onun oxuduğu şeirlər inqilab qəhrəmanlarına yazılmış həcvlərdən ibarət idi. Bizə sərdar olub eşşək satanlar, Bizə sərdar olub kərpic atanlar. Tüfəng almış ələ yolçu, yolaxçı, Qulam qarpız satan, Qənbər boyaxçı. Döndü zamanə, döndü, Əncümən paymal oldu. Küçə xanəndəsi sözlərini oxuyub qurtardı, zabit ona bir manat rus parası verdi. O isə imperatora dua oxuya-oxuya uzaqlaşdı. Onun dalınca gəzən və oxuduqlarından nəşələnən müctəhid müridləri ilə bərabər çarın əmmaməli xəfiyyələri də keçib getdi. Mən bir kərə Ələkbər yoldaşa müraciətlə: – Təbrizlilər yeniliyi sevir. O yenilik dininə, əqidəsinə, istiqlaliyyətinə zərbə vursa da sevir, – dedim. Səttar xanın evinin şeyləri bitdi, sonra da binanın divarlarına dinamit qoyduqda xalqla bərabər biz də keçib getdik. Biz Ninanın evinə qədər küçələrdə cürbəcür hadisələrə təsadüf edir, cəza dəstələrinin müxtəlif həyasızlıqlarının şahidi olurduq. Ninanın konsulxanadan qayıdan vaxtı deyildi, ona görə də küçələri gəzdik. Şiddətli bir partlayış eşitdik, o partlayış vaxtilə Peterburqu və şah Tehranını titrətməkdə olan bir evin dinamitlərlə partlaması səsi idi. İnqilab qəhrəmanının evini partlatdılar. Bu səs bir çoxlarının şadlığına, bir çoxlarının da kədərinə səbəb oldu. Biz evə daxil olduqda Ninanı orada gördük. O: – Xəstələndiyimi bəhanə edərək işi buraxıb gəldim, – dedi. – Oturun, vəziyyət olduqca ağırdır. Cəza tədbirləri olduqca geniş və dəhşətlidir. Konsul Tehran və Peterburqa göndərdiyi teleqramlarda, Təbriz üçün bütün İrana dərsi-ibrət ola biləcək cəza tələb edir. Hələlik həbs ediləcək adamların siyahısını gətirmişəm. Nina bunu deyərək kiçik bir siyahı verdi. Siqətülislam. Şeyx Səlim. Ziyaül-üləma. Sadiqülmülk. Əli Müsyönun iki oğlu. Ağaməhəmməd tacir Qafqazlı və sairələri. Siyahıda Hacıəli davaçı və başqalarının adı yoxdu. Daha oturmadım. Ələkbər yoldaşla bərabər qalxıb getmək istədikdə, Nina: – Hara gedirsiniz? – deyə soruşdu. – Gedib Siqətülislamı xəbərdar etmək lazımdır. Bəlkə də, onlar çıxıb bir tərəfə qaça bildilər. Nina təəssüfedici bir hal ilə başına hərəkət verərək: – Vaxt keçmişdir. Oturun! – dedi. – Siqətülislam və başqaları hərbi səhra məhkəməsinin əlindədir. – Haradan bilirsən? – Siqətülislam konsulxanada düzəlmiş vəsiqəni imza etmək üçün çağırılmışdır. O vəsiqə çar ordusunun Təbrizi böyük müharibə nəticəsində işğal etdiyinə dair bir vəsiqə idi. Siqətülislam: «Bu barədə düşünməliyəm» deyərək vəsiqəni imza etmədi, bunun üçün də onu buraxmadılar, başqaları ilə bərabər hərbi səhra məhkəməsinin ixtiyarına göndərdilər. Rusiya hökuməti üçün belə bir vəsiqə düzəltmək və Təbrizin işğalını rəsmiyyətə salmaq lazımdı. Belə bir vəsiqəni imza etmək üçün Təbriz qoşununun rəisi Amanulla Mirzəyə də təklif edilmişdi. – İmza etdimi? – Xeyr, imza etmədi. Buna görə də onu Seyid Həmzə ziyarətgahından çıxarmaq üçün bir eskadron kazak göndərildi. Lakin o, bir hərbçi kimi davrandı, özünü öldürdü, təslim olmadı. Mən ancaq bunu deyə bildim: – Nə etməli? Biz onların hamısına Təbrizdən çıxmasını təklif etdik, qulaq asmadılar. Onlar çarın müstəmləkə siyasətinə məxsus düzəltdiyi planı lazımınca mənalandıra bilmədilər. Onlar bu planın dar ağacından, qanlardan, edam və həbslərdən, qarət və həyasızlıqlardan ibarət olduğunu xəyallarına belə gətirmirdilər. Nina: – Doğrudur, – dedi, – məsələ həbs edilənlərin müqəssir olub-olmamasında deyildir: Rusiya çarının sabunladığı kəndirə keçirmək üçün baş lazımdır, o baş kimin başı olursa-olsun fərqi yoxdur. Çar latış feodallarından bir addım da olsa irəli getməmişdir. İyirminci əsrdə çarlıq edən ikinci Nikolay müqəssirin boğazına keçməyən kəndirin küçədən gedən təqsirsiz bir nəfərin boynuna keçirilməsini əmr edən latış feodalının tayı deyilmi? İnqilab rəhbərləri Təbrizdən qaçıb getsələr belə, çar kəndiri boş qalmayacaq idi. Ancaq təqsirsiz əhalinin cəzalandırılması siyasətinin bizim üçün xeyirli cəhəti budur ki, bu siyasət kütlələrin birləşməsinə və ümumi mübarizə ətrafında toplanmasına səbəb olur və kütlələrin çar üsuli-idarəsinə qarşı nifrət bəsləməsi ilə nəticələnir. Bütün dünyada ən qorxulu bir siyasət varsa, o da ingilislərin müstəmləkə siyasətidir. Bu siyasət çar siyasətindən daha qorxuludur. Çar siyasəti açıqdan-açığa müstəmləkə xalqının azadlığını əzməklə milyonların nifrətini qazanırsa, «xalqa azadlıq gətirirəm» şüarı altında gələn ingilis müstəmləkəçiliyi avam Şərqin ingilis kralına qarşı rəğbətini qazanır, onu əzilmiş xalqların hamisi kimi göstərir. Biz hər şeydən əvvəl ingilis müstəmləkəçiliyi ilə mübarizəni gücləndirməliyik; çar müstəmləkəçiliyini yıxmaqda isə çarın öz siyasəti bizə kömək edir. Mən otura bilmirdim. Şəhərə çıxmaq qorxulu olsa belə, yenə də qalxıb dışarı çıxmaq istəyirdim. Ələkbər yoldaşla bərabər küçəyə çıxdıq, bir çox yerləri gəzdik. Nəhayət, yolumuz Dəvəçi qəbiristanı tərəfindən düşdü. Dəvəçi qəbiristanından, cümə axşamlarında olduğu kimi, camaatı yarıb keçmək mümkün deyildi. Lakin burada olanlar əksəriyyətlə soldatlar, kazaklar, bir də çar zabitləri idi. Burada seyidlər, mollalar və uzunətək don geyinməklə özünü mollaya oxşadan tacirlər də çox idi. Soldatlar ətraf küçələrdən toplandığı sarıqlıları qoyun sürüsü kimi sürüb qəbiristana tökürdü. Gəlmək istəməyənlər tüfəng qundağı ilə vurulur və nizələrlə təhdid edilirdi. Bunları qəbiristan ətrafındakı kanallar və ayaqyollarının yanına toplayırdılar. Onlar ayaqyollarına tökülən meyidləri çıxarmaq üçün gətirilmişdilər. Konsulxananın əmrinə görə bu işə məcbur edilənlərin əlli faizi Dəvəçi məhəlləsi və sair küçələrin bu günə qədər əks-inqilab cəbhəsində duran və rus soldatlarının intizarını çəkən seyidləri və mollaları idi. Təəccüblü burasıdır ki, hələ indi də onlar çar konsuluna inanır və bu işdən konsulun xəbəri olmadığını zənn edirdilər. Onlar çox həyəcanla danışırdılar: – Cənab general-konsulun bu işdən əsla xəbəri yoxdur. – Bə nəmənə! Əlbət ki, yoxdur. Hərgah cənab general bilsə, bunları tənbehsiz buraxmaz. – Həzərat, belə iş ola bilməz! Heç bir məmləkətdə üləmanın və seyidlərin hörmətinə toxunmaq cayiz deyil. Gedib ingilis konsulxanasına girmək lazımdır. – Getmişdux, qapılar bağlıdır. Qaytarıb dedilər adam qəbul etmirux. – Elə isə din əldən getdi! – İmamın zühuruna az qalıbdır! – Bəlkə, Qayimi Ali-Məhəmməd zühuri bizi bunlardan qurtara bilsin. Bütün bu sözlər bir fayda vermirdi. Onlar soyunub meyidləri çıxarırdı. Bəziləri ayağından başına qədər pislik içərisində idi. Minarələrdə azan verilirdi, «Həyyə ələssəlat» deyən azançılar mollaları namaza dəvət edirdi. Onlar isə azana işarə ilə, çar zabitlərinə namaz vaxtı yetişdirdiyini anladıb izah edə bilmirdilər. Onlardan birisi kazak zabitinə yaxınlaşaraq, iki əlini qulaqlarının bərabərinə aparıb üzünü göyə tərəf qaldırdı, əyilib sonra əllərini diz qapaqlarına qoydu, qalxıb yenə göyə baxdı və beləliklə... namaz üçün bir məşq elədi. Dil ilə də zabitə yalvaran var idi: – İbadət vaxtıdır, ağa zabit, icazə verin gedax Allahın ibadətinə! Zabit pislik qoxusunu hiss etməmək üçün burnunu tutdu və təpik ilə mollaların qarnından vurub dedi: – Get boğazına kimi pisliyin içərisinə gir, murdar ruh! Əks-inqilab təşkilatı olan «İslamiyyə» binasının qabağında toplanaraq: «İmperator dini-islamın nacisidir» deyən əks-inqilabçı mollalar, bu gün ilk dəfə olaraq imperatorun Təbrizə göndərdiyi «nicatverici» soldatları və zabitləri ilə tanış olurdu. Ölülərin kanallara və pislik yerlərinə tökülməsinin bir səbəbi də konsulun verdiyi əmr idi. Konsul bu əmrnamədə: «Hər kəsin evinin qarşısında rus ölüsü tapılarsa, evi qarət edilib binası uçurulacaq, ev sahibi həbsə alınacaqdır», – deyirdi. Konsulun divarlara yapışdırmaq üçün farsca çap etdirdiyi müraciətnaməni iki gün bundan əvvəl oxumuşduq. Yanımdan keçdiyimiz bir divarda da Hacı Səməd xan Şücaüddövlə tərəfindən buraxılmış belə bir müraciətnamə oxuduq: Təbriz camaatına «Məhərrəm ayının 6-sından başlayaraq Təbriz şəhərində idarəyi ürfiyyəyi-əksəriyyə elan olunur. Bu gündən etibarən hər kəsin evində silah tapılarsa, hər kəsin evində çar hökuməti qanununca müqəssir edilən adamlar gizlənirsə, hər kəs çar hökumətinin soldatına, yaxud çar himayəsində olan iranlılara hörmətsizliklə tanınmışsa, hər kəsin qapısının qarşısında çar soldatı öldürülmüşsə, haman evin ailəsi qurşuna düzüləcək və binanın özü də dağıdılacaqdır. Nemətabad, Hacı Şücaüddövlə Səmədxan 6 məhərrəməlhəram 1328 hicri». Ələkbər yoldaş bu müraciətnaməni oxudu və mənim sözümü təsdiq edərək: – Elədir ki, var, – dedi, – tutalım ki, müharibədə yaralanmış bir soldat ailəsində əsla kişi tayfası olmayan bir qapının qabağında yıxılmışdır, bu zaman ev dağılacaq və içindəki qız və qadınlar qurşuna düzüləcəkdir. Buna görə də əhali öz qorxusundan, küçələrdəki meyidləri toplayıb quyulara tökməklə izi itirmək istəmişdir. Qəbiristandan hələ çox da uzaqlaşmamışdıq. Bütün küçə dolusu şah və çar nökərlərinin sel kimi axıb gəldiyini gördük. Çəkilib bir tərəfdə durduq: keçməkdə olan dalısıüzülməz dəstənin qabağında məşhur çar nökəri və əks-inqilabda məşhur rol oynamış Hacı Mirqurban gedirdi. O, qollarını çırmalamış və əbasını yığışdırıb qoltuğuna vurmuşdu. O, üzünü camaata döndərib bu şeiri oxuyurdu: Lütfi-həq bato, müdaraha konəd, Tak ki əz həd begzəri rüsva konəd. Yəni: Allahın lütfü səninlə müdarə eylər, lakin ifrata varmış olsan, rüsvay eylər. Mirqurban bu şeiri oxuduqdan sonra, dönüb arxasınca gətirilən bir nəfəri söyürdü. Biz diqqətlə baxdıqda Şeyx Səlimin çar konsuluna təslim edilmək üçün tutulub aparıldığını gördük. Bizi təəccübə gətirən çar istila ordusunun hərəkəti deyildi, çünki onlara yuxarıdan belə əmr edilmişdi. Lakin bir təbrizlinin digər bir təbrizlini tutub çar hərbi səhra məhkəməsinə təhvil vermək üçün aparması olduqca təəccüblü iş idi. Mirqurban tez-tez Şeyx Səlimə dönərək onun saqqalına tüpürüb deyirdi: – İndi daha sənin inqilabından, sənin Səttarından, Bağırından qorxumuz yoxdur. İmperatorun qoşunu şir kimi dalımızda durmuş. Sizin nəslinizi Təbrizdən kəsəcəyəm, köpəkoğlu mənə Mirqurban deyərlər; sizi toyuq darını dənləyən kimi bir-bir dənləyəcəyəm... Mirqurbanın başında olan dəstənin içərisindən bir çoxları Şeyx Səlimə daş və buz parçaları atırdı. Onun başı və üzü dağılmışdı, saqqalından qan axırdı. Yenə də küçə oxucusu kor Əsgərin səsi eşidilirdi. O, Şeyx Səlimin məşrutə zamanında xalqa dediyi sözlərini nəzm ilə oxuyub camaatı güldürürdü. Verəcək yoxsula bir yağlı çörək məşrutə, Plovun hər düyüsü bircə çərək, məşrutə. Yeyəcək dadlı kabablar füqəra, Boynunu əyməyəcək varlılara. Axırı yonca yedik şam, nahar, Tapmadıq bircə tərək, məşrutə. Şeyx Səlim başını aşağı salıb gedirdi. O, heç bir tərəfə baxmayırdı. O, artıq ölümünü yəqin eləmişdi. Varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. Mən özümə bir daha nifrət etməyə başladım, çünki silah və ixtiyar əlimizdə ikən gələcəkdə zərər gözlədiyimiz xainləri məhv etməmişdik. Biz istəsəydik, Mirqurban, Mirməhəmməd, Hacımirzə-ağa və sair çar xəfiyyələrini, çar nökərlərini məhv edə bilərdik; yoldaşlar bu məsələni qoymuşdular, lakin mən etiraz etmişdim. Mən Mirqurbana diqqətlə baxdıqdan sonra, öz qəlbimdə dedim: – Siz bizim bir səhvimizin nəticəsində yaşayırsınız. Ümid edirəm ki, bizdən sonra gələnlər daha səhv etməyəcəklər. Onlar minlərcə yoxsul qanının axmasına səbəb olan Mirqurban, Mirməhəmməd, Mir Fətulla xanları cəzasız buraxmayacaqlar. Ələkbər yoldaş hirsindən titrəyərək dedi: – Silahlı qüvvəni buraxmamalı, axıra qədər vuruşmalı idik. * * * Çar konsulxanasında Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək: – Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi. «Möhtərəm Əbülhəsənbəy! Bizə üz verən böyük müsibət haqqında yazmaq artıqdır. Bu barədə bütün Təbriz xalqı bildiyi kimi, siz də bilirsiniz. Cənab konsulun yazdığına görə, mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar. Cənab Əbdülhəsənbəy, qohumluq əlaqəsini nəzərdə tutaraq, cənazə mərasiminin təntənəli keçməsi üçün rəfiqlərinizi və tanışlarınızı da dəvət edəsiniz. Zənnimcə, Nina xanımın iştirakı da lazımdır. Çünki cənazə mərasimində general-konsulun ailəsi də iştirak edəcəkdir. Günortaya bir saat qalmış təşrifinizin müntəziriyəm. Əqəl-sərdar Rəşid, həftumi-məhərrəm». Mən: – Getmək lazımdır, – dedim, – xüsusən bu günləri konsul ilə olan əlaqəni sıxlaşdırmağa və şübhələri rədd etməyə çalışmalıyıq. Biz oradan yenə də istifadə etməli və çar müstəmləkəçiliyi ilə mübarizə aparmalıyıq. Gedərik, Ələkbər yoldaşı da bərabər aparırıq. Vaxta çox qalmışdı, xidmətçi qadın samovarı gətirdi. Çayı Nina hazırladı. Bir az sonra Məşədi Kazım ağanın arvadı da Ninanın gəlməsindən xəbər tutduğu üçün gəldi. Onların gəlinləri Sənubər və Töhfə xanım da iki gündür ki, burada yaşayırmış. Onlar da Ninanı görməkdən şadlandı. Günortaya bir saat qalana qədər bir yerdə vaxt keçirdik, saat 11-də faytonu qoşdular; mən, Nina, bir də Ələkbər yoldaş sərdar Rəşidin evinə getdik. Sərdar Rəşid mənimlə bərabər Ələkbər yoldaşın da gəlməsini bilib: – Cənab ağa da bizi konsulun yanında sərafraz buyurdu, ağadan yerdən-göyə qədər razıyam, – dedi. Ələkbər yoldaş da fatihə verib Smirnova rəhmət oxurkən məni dümsüklədi. Nina Ələkbər yoldaşı İraida ilə tanış elədikdə: – Əbülhəsənbəyin şərikidir, bizim doğma qardaşımız kimidir, – dedi. İraida və sərdar Rəşid ikinci kərə Ələkbər yoldaşla tanış oldu. Mahru xanım gözə dəymirdi, bunun üçün də mən: – Mahru xanım bir yerəmi getmişdir? – deyə İraidaya müraciət elədikdə, o: – Yazıq qız bu bədbəxt hadisə üz verdikdən sonra xəstələnmişdir, – dedi. Mən və Nina icazə alaraq onun yataq otağına daxil olduq; o, doğrudan da, xəstə idi. Mən ona təsəlli verib dedim: – Siz çox ağıllı bir xanımsınız. Özünüz də müstəqil bir fikir daşıyırsınız. Zənnimcə, siz özünüzə üz verən hadisənin ağır olduğuna baxmayaraq, həyatınızın və gələcəyinizin də qeydinə qalmalısınız. Mahru xanım, hadisələrdən çox da darılmayın. Onların ağırlığına qarşı soyuqqanlı olmalısınız. Mahru xanım, siz bilirsiniz ki, dünya eniş-yoxuşludur, insanlar dünyanın eniş-yoxuşunu düşüb-çıxmağa məcburdur. Hələ siz düşünsəniz, sizə üz verən bədbəxtliyin minlərcə adama üz verən fəlakətlə bir günə düşdüyünü görəcəksiniz... Demək istəyirəm ki, siz tək deyilsiniz... Mahru mənim son cümlələrimi diqqətlə dinləyir, bir mənə, bir də Ninaya baxırdı. Sanki deyilmək üçün toplaşıb boğazında yumurlanan sözləri zorla geri qaytarır, nə üçünsə söyləməyə tərəddüd göstərirdi. Mən Ninadan çəkindiyini və danışa bilmədiyini hiss etdikdə, onun qızdırmanın təsiri ilə istilənmiş kiçik və ətli əllərini sığallayaraq dedim: – Mahru xanım, Nina həm sizi, həm də məni sevir. O sizin vətənin düşməni deyildir. O, təbrizlilərin qırılması və məmləkətin çar istilasında qalmasına razı ola bilməz. Danış, qorxma, Ninanı İraidaya oxşatma! Bu sözlərimdən sonra, Nina ağladı, əlini balışın kənarına qoyaraq Mahrunun hərarətli dodaqlarından öpərkən qara və mavi gözlərdən tökülən yaşlar bir-birinə qarışdı, sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı. Onların bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. Nina: – Gözəl Mahru! – dedi, – mən çar kazaklarının qamçısı altında əzilən İran yoxsullarının dostuyam, mənə öz qəlbinə inanan kimi inan! Bu söz üzərinə Mahru mənim əlimdən tutaraq sıxdı və soruşdu: – Siz o sözləri Nina xanıma demişsinizmi? – Demişəm, Nina siz sevdiklərinizin hamısını sevir. Mahru dilini çıxarıb hərarətdən qızarmış və qurumuş dodaqlarını islatdı və ah çəkərək dedi: – Xalqı qırdılar, yenə də qırmağa hazırlanırlar, namussuz qardaşım da bundan razıdır. Bu işlərdə iştirak etməyi özünə fəxr sayır. Qardaşım öz naməlum gələcəyini minlərcə İran yoxsulunun meyidləri üstündə qurmağa çalışır. Mahru yenə də ağladı. Nina isə onun haqqında: – Nə qədər gözəl, nə qədər safürəkli bir qadındır! – dedi. Söhbətimiz burada bitdi, çünki konsulxanaya hərəkət etmək vaxtı idi, sərdar Rəşid və İraida getməyə hazırlanmışdı. Mən və Nina xəstə olduğu üçün Mahrunun cənazə mərasiminə getməməsini məsləhət gördük, onu xidmətçi qadınla buraxıb vidalaşdıq. Bizi konsulxanaya aparan faytonlar çox yavaş gedirdi. Xüsusən konsulxana ətrafındakı küçələr qələbəlik olduğundan, faytonları adi yerişi ilə sürmək mümkün deyildi. Hər addımda təzə bir hadisəyə rast gəlmək və hər bir hadisədə, başqa bir dəhşətin şahidi olmaq mümkün idi. Şəhərdən tutulub kazakların qabağında Şahzadə bağına sürülən camaatın içərisində dörd nəfər də çarşablı qadın var idi. Qadınların çarşabları aralandıqda onların qırmızı haşiyəli nəzmiyyə libası geydikləri görünürdü. Rus kazakları bunların nəzmiyyə nəfərləri olduğunu və qadın libası geyinib Təbrizdən qaçmaq istədikdə tutulduqlarını söyləyirdi. Sərdar Rəşid faytonu saxlatdırdı, bizim zənnimizə görə, sərdar Rəşid də rus kazakları düşünən kimi düşünürdü. Biz isə buna inanmırdıq, çünki nəzmiyyənin cədvəlində yazılan və silah daşıyan bütün nəzmiyyə nəfərləri Təbrizdən çıxmışdı. Sərdar Rəşid kazak zabitini səslədi. Zabit dönüb faytona baxdıqda rus general-qubernatoru libasını geyinmiş və döşünə Rusiyanın ağ ikibaşlı qartal nişanını taxmış bir simanı görürkən irəli gələrək, əsgəri qayda ilə farağat vəziyyətini aldı, təzim ilə: – Eşidirəm, həşəmətli cənab, – deyərək, əlini qulağının yanında saxladı. Sərdar Rəşid ona azad durmaq icazəsini verməklə soruşdu: – Bu qadınları nə üçün həbsə almısınız? Zabit: – Bunlar imperator hökumətinə qarşı üsyan etmiş nəzmiyyə nəfərləridir, – dedi – qadın libasına girib şəhərdən qaçmaq istərkən tutulmuşlar. Sərdar Rəşid gülərək: – Yaxşı etmisiniz, lakin onlar kişi deyil. Onlar nəzmiyyəyə rəğbət bəsləyən, bunun üçün də özlərini inqilabçı nəzmiyyə libasına salan qadınlardır. Bunları aparın, ərlərini çağırıb cəzalandırmaq lazımdır, – dedi və faytonun hərəkət etməsinə əmr verdi. Kazak zabiti yenə də sağ əlini qulağına qaldırıb təzim edərək: – Eşidirəm, həşəmətli cənab! – dedi və dustaqları sürüb apardı. Biz heç bir söz demədik, bu mümkün də deyildi. Ancaq Nina qeyd etdi: – Şəriətin qara çarşabı öz inqilabına rəğbət bəsləyən bu qadınları əzməsə və kor etməsə idi, biz bir neçə gün bundan qabaq öz düşməninə qarşı silahlı mübarizəyə qalxan nəzmiyyə sırasında minlərcə silahlı türk qadını görmüş olacaqdıq. Mən buna cavab olaraq: – Təbriz qadınları öz sevimli nəzmiyyə nəfərlərinə, «qulamidilavər», yəni «rəşid oğlan» ləqəbini əbəs yerə verməmişdir, – dedim. Biz hələ bu söhbəti bitirmədən nəzmiyyə libası geyinmiş qadınların üzərinə gülən əks-inqilabçı güruhu, nəzmiyyəyə yazmış olduqları həcvi oxuyurdu: Qulam – dilavər olmuşam, İtlərə yavər olmuşam. Onda adım Qulamhüseyn, İndi də Xavər olmuşam... Ələkbər yoldaş mənə müraciətlə: – Sənin canına and olsun, insan bu cür işləri görəndə özünə iranlı adı verməkdən də utanır, – dedi. Nina da buna: – Utanmaq yox, fəxr etməliyik! – cavabını verdi. – İndiyə qədər, imperialist dövlətlər əlində müstəmləkə olan heç bir ölkədə İranda başlanmış üsyan hərəkatı qədər böyük bir hərəkat baş verməmişdir. Bunlar nə qədər üzüdönük olursa-olsun, öz qərargahını nə qədər tez-tez dəyişirsə-dəyişsin, lakin bunları inqilab hərəkatı ətrafında təşkil etmək o qədər də çətin deyil, təbrizlilərin cəbhəni tez-tez dəyişmələrinə səbəb rəhbərsizlikdir, dinçilikdir. Dinin əsasında olan əsirlik, bağlılıq və siyasi düşüncəsizlik, Təbriz xalqının həqiqi cərəyandan tez-tez ayrılmasına səbəb olur. Mən bu sözümü bir çox hadisələrdən alınan təcrübələrə əsasən deyirəm. Çünki əksəriyyətlə təbrizliləri siyasi yolundan sapdıran da və əcnəbilərə satan da din rəhbərləridir. Buna görə də Təbriz xalqına dinsizlik günəş və su kimi lazımdır. Mollalar, müctəhidlər, ümumiyyətlə, din rəhbərləri məhv edilməyincə, onların nüfuzu kökündən qırılmayınca iranlıları vahid bir fikrin ətrafına toplamaq mümkün olmayacaqdır. İranda inqilab yaratmaq üçün aralığa çıxan yeni rəhbərlər kəndlilərin inqilaba qoşulmaması səbəblərini də ruhanilərdə aramalıdır, çünki İran ruhaniləri ruhani olmaqla bərabər, həm də böyük bir mülkədardır. Mən Ninanın bütün fikirlərini təsdiqlə öz-özümə danışırammış kimi yavaşca qeyd etdim: – Padşahın özü də kənd alıb böyük mülkədar sayıldığı və şahın kəndlilərə məxsus torpağı mənimsəyərək öz xüsusi mülki hesab etdiyi bir ölkədə nə iş görmək olar ki?.. Nina: – Üsuli-idarə əleyhinə mübarizə aparmalı və ümumiyyətlə, torpaq məsələsini həll eləmək və torpağı xalqa paylamaq işini həyata keçirə biləcək bir üsuli-idarə yaratmalı! – cavabını verdikdə mən: – Belədir. İran inqilabının gələcək rəhbərləri bu xətt üzərində işləməlidir, – dedim. Konsulxana ətrafında əks-inqilabçılar tərəfindən təşkil edilmiş bir dəstə küçə xuliqanları oxuyurdu. İnqilabçı nəzmiyyənin haqqında yazılan həcvlər burada da təkrar edilirdi. Konsulxana qapısı çar rəiyyətləri, çar himayəsində olanlar, xəfiyyələr, casuslar və çar nökərləri ilə dolmuşdu. Həbsə alınacaq inqilabçıların siyahısını konsula vermək üçün tələsən əmmaməli və uzunətək çar casusları cin kimi bu qapıdan girib o biri qapıdan çıxırdı. Söbətlərin məzmunu bu idi: – Tutacağam! Göyə çıxsa da əlimizdən qurtarmaz! – Cəddimə and olsun, o, Təbrizdən kənara çıxmamış, çünki üstündə göz var. – Soruşmuşam. Lap gözü ilə görən adam mənə yerini demişdir. Hacı Mirzağa gəcbişirən, Hacı Mirqurban və Hacı Mirməmməd Smirnovun öldürülməsi münasibətilə qollarına qara bağlamışdı. Mən uzaqdan baxdıqda, onların əmmaməsinə yapışdırılmış ağ bir parça da gördüm. Yaxına gəldikdə ağ parçanın üstündə rusca yazılmış bu cümləni oxudum: «Əlahəzrət Rusiya imperatorunun Təbriz konsulxanası tərəfindən verilən himayə vəsiqəsi». İçəri daxil olduq. Konsul əvvəlcə mənim, sonra da Ninanın, İraida və sərdar Rəşidin əlini sıxdı. Mən Ələkbər yoldaşı ona tanış verərək: – Bizim ticarət şərikimizdir. Rusiyadan yenicə gəlmişdir. O, Təbrizdə baş verən bu hadisəni və imperator hökumətinə qarşı bu ədəbsizliyi, xüsusən cənab Smirnovun faci ölümünü eşidərkən, sizə başsağlığı vermək və bəyani təəssüf etmək üçün gəlmişdir, – dedim. Konsul onun əlini ikinci kərə sıxaraq: – Hərgah təbrizlilərin 20 faizi sizin kimi səmimi və nəcib adamlar olsaydı, iranlılar onlara mədəniyyət gətirən çar ordusunu çiçəklərlə qarşılayardı, – dedi. Boş kürsülərdə oturduqda konsul sərdar Rəşidə yanaşaraq dedi: – Ağa Mirqurbanın verdiyi məlumata görə mərhum Aleksandrın başını cavahirsatan Hacı Nağı kəsib aparmışdır. Həbs olunması üçün kazak dəstəsi göndərmişəm! Biz orada ikən konsula yenə də raport gətirdilər. Raportda Sadiqülmülk, Ağaməhəmməd Qafqazlı və sairlərinin həbs olunduğu xəbəri verilirdi. Konsul yeni həbslərlə əlaqədar olaraq öz katibinə müraciət edərək söylədi: – Səmədxana telefonla xəbər verin; asılacaq olanlar üçün təcili hökm göndərsin. Bunları saxlamağa vaxtımız yoxdur! Konsul bununla da zahirdə İranın daxili işlərinə müdaxilə etmədiyini göstərməyə çalışırdı. O, bütün təqsirli bildiyi adamların edamını Səmədxana tapşırır və təcili surətdə icrasını tələb eləyirdi. Zatən Səmədxan elə bunun üçün də Nemətabaddan gətirilmişdi. Biz burada eşitdiyimizə görə, Səmədxan Siqətülislam və onunla bərabər həbs edilənlərin asılması hökmünü imza etmişdi. Ələkbər yenə də bir ah çəkərək: – Ah İran, – dedi, sənin casusun da, cəlladın da özünsən! Bütün xalqını dar ağacından asaraq özün də altında oturub özünə ağlamalısan! Sən öz-özünü məhv edirsən! Bir saat orada oturduq. İyirmiyə qədər siyahı gətirdilər; sonların hər birisində qırx-əlli nəfər adamın adı var idi. Konsul onları bir-bir alıb öz katibinə verir və hər birisi haqqında bir cürə sərəncamda bulunurdu. Telefonla dar ağaclarının hazır olduğunu konsula xəbər verdilər. Konsul ucaboylu, arıq, boynu uzun, üzünün damarları qurumuş bir rus zabitinə yanaşaraq yavaşcadan nə isə dedi. Nina mənə dönərək: – Bu hərbi səhra məhkəməsinin sədridir. İnqilabçıları asmaq üçün Tiflisdən gəlmişdir, – dedi. Bu sözdən sonra mən onun üzünə baxa bilmədim. «İnqilabçıların qatilini görmək, əzabların ən şiddətlisidir!» – dedim. Cavahirsatan Hacı Nağını gətirdilər. O titrəyirdi, özünü tamamilə itirmişdi. Ondan kötəyi əsirgəməmişdilər. Baş-gözündə sağ yer yoxdu. Sərdar Rəşid ona qışqırdı: – Məlun, sən nə cürətlə cənab İsmayılı öldürdün? Hacı Nağı titrədi: – And olsun getdiyim Beytullaha, mən heç kəsi öldürməmişəm. O bizim qapının qabağında yıxılmışdı. Çılpaq idi, heç zadı yox idi. Siz bilirsiniz ki, mən nə bomba atıram, nə də güllə atmağı bilirəm, əlimdən heç bir şey gəlməz. Mən fağır və aciz tacirin birisiyəm, indiyə kimi bir xoruz başı da kəsməmişəm. – Bəs onun başını nə üçün kəsdin, vələdüzzina? Bu nə rüsvayçılıqdır? – Mən kəsmədim. Getdiyim on dörd məsum haqqı kəsmədim, başına dönüm, kəsmədim axı! – Kim kəsdi? Nə üçün gizlədirsən axı? – Hammala bir tümən verdim, kəsib saldı torbaya verdi mənə. – O sənin nəyinə lazım idi? – Mənim qardaşım Hacı Tağını soldatlar tutub təqsirsiz yerə öldürmüşdü. Mən haman başı kəsdirib onun uşaqlarına apardım, onlara dedim ki, bu sizin atanızın qatilinin başıdır. – Sonra başı hara atdın? – Dəvəçi məhəlləsində Üskülülər bazarçasındakı hamamın tulanbarçısına vermişəm. İnanmırsınız, çağırıb soruşa da bilərsiniz. Bu söz üzərinə həm konsul, həm də sərdar Rəşid təəssüfedici bir surətdə: – Yəqin ki, mərhumun başını yandırmışlar, – dedi. Konsul dərhal tulanbarçının gətirilməsinə əmr verdi, Hacı Nağını isə Şahzadə bağındakı qoşun qərargahına göndərdilər. Hacı Səmədxanı Nemətabaddan Təbrizə gətirmək üçün göndərilmiş heyətin sədri Etimadüddövlənin gəldiyini konsula xəbər verdilər. Etimadüddövlə içəri girdi. Olduqca yaltaq bir surətdə konsula yanaşdı və əlini döşünə qoyaraq əyilməyə adət etmiş başını əydi və Hacı Səmədxan Şücaüddövlədən konsula gətirdiyi məktubu iki əli üstə təqdim elədi. Məktub farsca yazılmışdı, oxumaq və konsula tərcümə etmək üçün konsulxana mütərcimlərindən Mirzə Ələkbər xana verildi. «Cənab general! Etimadüddövlə iltifaqkəranə bir surətdə yazılmış məktubunuzu verməklə bərabər haqqındakı dustanə düşüncələriniz barəsində şifahən söylədi. İmperator hökumətinin bu həqirə həvalə etdiyi böyük vəzifə mənim və mənim familiyamın hamısını sərafraz buyurdu. İmperator hökumətinə nisbət səmimi bir xidmət göstərmək arzusu çoxdan bəri bəslədiyim bir arzudur. Bu gün mən cənab generalın məktubunu aldıqda həmən arzulara nail olduğumu təyin etdim və şadlandım. Allah şahiddir ki, bu həyasızların imperator hökumətinə nisbət göstərdikləri nankorluq və icra etdikləri ədəbsizlik mənim əsəblərimi həddindən artıq pozmuşdur. Özümü xeyli fəna hiss edirəm. Buna baxmayaraq, imperator hökumətinin təklif buyurduğu Azərbaycan valiliyi vəzifəsini böyük məmnuniyyət və fövqəladə bir şadlıqla qəbul edirəm. Hazırda öz əsəblərimi sakit etmək üçün Nemətabadda imam Hüseyn təziyəsi ilə məşqulam. İnşallah Təbriz şəhərinə məhərrəməlhəramın 14-də daxil olub işə başlayağacam, bu müddət içərisində hökumət işlərini Nemətabadda idarə etməyimə icazə verməyinizi rica edirəm. İnşallah Təbrizə varid olduqdan sonra məmləkətin idarəsi haqqında düzəltdiyim layihəni sizə təqdim edəcəyəm. Layihəni hazır olduğuna baxmayaraq, Etimadüddövlə ilə göndərməyi məsləhət görmədim. Cənab Etimadüddövlənin imperator hökumətinə səmimi məhəbbət bəslədiyi haqqında yazmaq artıqdır, çünki onun imperator hökumətinə nisbət göstərdiyi keçmiş xidmətlərini cənab general bilməmiş deyildir. Cənab general, həyat baqi olursa, Etimadüddövlə kimi yüzlərcə imperator nökərlərinin mövcud olduğu haqqında qənaət hasil buyuracaqsınız. Çıxarılan qərarların imza olunmaq üçün Nemətabada göndərilməsini rica edirəm. Nemətabad, həftümi-Məhərrəməlhəram, Səmədxan». Məktub oxunub qurtardı. Konsul katibə müraciətlə Nemətabad ilə konsulxana arasındakı telefon xəttinə diqqət verilməsini tapşırdı. Səmədxan qəsdən Təbrizə hərəkət etməsini təxirə salır, bu gün və sabah dara çəkiləcək inqilab rəhbərlərinin işində iştirak etmədiyini xalqa göstərmək üçün özünü kənara çəkmək istəyir və məsuliyyətdən qurtarmağa çalışırdı. Lakin onun edam cəzası hökmünə imza atdığını bilməyən yox idi. Tulanbarçını gətirdilər. Onu kazaklar lazımi qədər döymüşdü. Gözünün yanları göyərmiş və sulu qabar bağlamışdı, burnunun qanı döşünə axırdı. Konsul kazak zabitinə müraciətlə: – Bunu nə üçün döydünüz? – dedikdə, zabit farağat vəziyyətini alaraq təzim etdi: – Həşəmətli cənab, siz döyməmək barəsində əmr etməmişdiniz. Buna görə biz bunu da ümumun cərgəsinə daxil etdik. Tulanbarçı cibindəki kirli dəsmalını çıxarıb əli ilə başında saxlamışdı. Çünki tüfəng qundağı ilə parçalanan başından qan axırdı. O, ayaq üstündə dura bilmirdi, onsuz da yaşlı və zəif bir kişi idi. Onun əynindəki bütün əlbisə 40 qəpiyə dəyməzdi. Ona oturmaq icazəsi verdilər. O, gözünü gəzdirib oturanlara baxdı. Sərdar Rəşidin iranlı olduğunu bilərək ona dedi: – Ay ağa, mən fəqir adamam, təqsirim nədir? Hacı Nağı bir urus başını gətirib verdi ki, bunu at tulanbarda yansın. Mən də sözündən çıxmadım, mən nə biləydim başıma bu qəza gələcək? Sərdar Rəşid ona təcili sual verdi: – Sən başı yandırdınmı? – Xeyr! Yandırmadım. Öz-özümə dedim ki, urus olanda nə olar? Mən Allah deyiləm ki, insanı odda yandıram. Qoy o dünyada Allah-taala özü necə bilir, elə də eləsin. – Bəs sən başı hara atdın? – Axı, mən başı niyə atıram? Dəfn elədim. Tulanbarçının sözlərini konsula tərcümə etdilər, konsul çox razı qaldı, himayə vəsiqəsi verildi, yaralarına müalicə üçün əsgəri xəstəxananın həkiminə göndərildi. Tulanbarçı bir az özünə gələrək konsula, sərdar Rəşidə dua etməyə başladı. Ona iki kazak qoşaraq başın dalınca göndərdilər. Konsul bu dəfə kazaklara tapşırdı ki, onu döyməsinlər. Ondan sonra Hacı Nağı haqqında qərar çıxarılmağa başladı. Burada sərdar Rəşid özünün Hacı Nağı ilə olan əlaqəsini və ona olan borclarını, İraida ilə evlənərkən Hacının qiymətli daşlar hədiyyə verdiyini unutmayaraq onu ölümdən qurtardı. Konsul onun fikrini soruşarkən o: – Bu cür müqəssirlər Təbrizdə on minlərcədir, zənn edirəm ki, imperator hökuməti öz müqəddəs və mədəni əlini hər bu cürəsinin qanına boyamaz. Ancaq müqəssiri də cəzasız buraxmaq olmaz, mən məsləhət görürəm ki, onun bütün əmlakı və ev şeyləri müsadirə olunsun və evi də dinamitlə dağıdılsın, özü də hələlik həbsdə qalsın, bu barədə sonra düşünərik. Bu təklifə oradakıların hamısı şərik oldu, fikrin icra edilməsi üçün kazak zabitinə əmr verildi. Smirnovun başını gətirdilər. Onu meyidin olduğu tabuta qoyub apardılar. Tabutun Rusiyaya göndərilməsi qərarı çıxarıldıqdan sonra biz konsula ikinci kərə bəyani-təziyət edərək ayrıldıq. * * * Məşədi Kazım ağa Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi. Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər. Mən indi başqa bir iş görə bilməzdim. Təbrizdə mövcud olan inqilabçıları çarın himayə vəsiqəsi ilə təmin etmək və onlara qaçmaq imkanı qazandırmaqdan başqa bir fikrim yox idi. Amerika konsulxanasından əldə edilən vəsiqələri Həsənağa və Tütünçüoğlu vasitəsilə paylatdırmışdım. Fəqət iki yüz nəfərlik vəsiqə kifayət etməzdi, çünki Təbrizdə minlərcə inqilabçı mücahid vardı. Çar xəfiyyələri onları tutub çar hərbi səhra məhkəməsinə vermək üçün qapı-qapı gəzirdi. Çar konsulu Səttar xan ilə birlikdə inqilabi mübarizədə bulunan hər bir mücahidin tutulması və ələ keçirilməsi üçün müəyyən mükafat təyin etmişdi. Nina və miss Hannanın vasitəsilə ələ gətirdiyim himayə vəsiqələri, məhərrəmin beşindən yeddisinə qədər yüz qırx beş inqilabçının Təbrizdən qaçmasına imkan yaratmışdı. Biz qaçanların hamısının özünü və ailəsini biraylıq məsariflə təmin etmişdik. Paramız var idi. Qaça bilən inqilabçıları yenə də təmin edə bilərdik; lakin vəsiqə az idi. Biz isə Hacı Səmədxan Təbrizə girincəyə qədər yoldaşları Təbrizdən qaçırmalı idik, çünki Səmədxan konsulxanaya verdiyi təlimatda kütləvi həbslərin ancaq o, Təbrizə daxil olduqdan sonra başlanmasını məsləhət görürdü. Onun şəhərə daxil olması vaxtına isə yeddi gün qalırdı. Mən Ninanı Ələkbər yoldaşla bərabər evinə yola saldıqdan sonra şəhərə çıxdım. Şəhərdə qoyulan soldatlar və kazak dəstələri hər addımda vəsiqə soruşurdu. Bir çoxları vəsiqəni tez-tez cibindən çıxarmamaq üçün onu sancaq ilə köksünə yapışdırmışdı. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. Bu halda mənim başıma yeni bir fikir gəldi: – Bu vəsiqələrdən düzəltdirmək lazımdır. Dəhşətli qarət davam edirdi. General Çernozubovu Təbrizə göndərən Vorontsov-Daşkov, sanki Fransaya girən alman ordusuna Bismarkın verdiyi aşağıdakı təlimatı vermişdi: «Getdiyiniz ölkədə göz yaşından başqa bir şey buraxmayın». Mən Tiflisdən Vorontsov-Daşkov tərəfindən general Çernozubova verilən bu təlimatı üç gün bundan qabaq bilirdim. Lakin çar konsulu öz hərəkəti ilə Bismark dövrünə deyil, vəhşilik tarixinin daha gerilərinə çəkildi; o, X əsrin feodallarına məxsus bir xətt-hərəkət götürdü və müharibəsiz alınan şəhərin mallarını qarət etməklə kifayətlənməyərək, qadın və qızları da qarət mallarına qoşdu. Mən bütün bu mənfur mənzərələri gözdən keçirir, təbrizlinin bugünkü fəlakətini, özümün başqaları üçün hiss edilməz və dinlənilməz olan dəruni fəryadlarımla qarşılarkən, yanımda duran iki nəfərin söhbəti mənim bütün varlığımı titrətdi: – Qoy daşıyıb aparsınlar. Bunlar çar təbəəliyini qəbul edən tüccarə, çar casusu deyənlərdir! Qoy talasınlar! Bu sözləri deyənlər çar təbəəliyini qəbul etmiş məşhur Hacı Həbib Ləkli ilə bir də Hacı İbrahim Sərraf idi. Bunlarla yan-yana bir çox çar himayəsində və çar təbəəliyində bulunan tacirlər də durmuşdu. Hamısının da sözləri məzmunca bir idi. Bu sözləri dinlədikcə əsəblərim pozulur və vücudum titrəyir, soyuqqanlılığımı çox çətinliklə mühafizə edə bilirdim. Oradan uzaqlaşmağa və əsəblərimi sakit etməyə qərar verdim. Qayıtdım. Bir o qədər də getməmişdim ki, ağlamaq səsləri eşitdim. Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. Belə səsləri və bunun kimi qəlb titrədici ağlamaqları ancaq bir meyidin tabutunu evdən çıxaran zaman eşitmək olardı. Mən belə də zənn edirdim. Qapıların birisindən meyid çıxarıldığını düşünürdüm, çünki qapıda varlı, yoxsul, fağır, dərviş, dilənçi, bir çox adam toplanmışdı. Lakin məsələ mən düşündüyüm kimi deyildi. Qapıdakılar bir-biri ilə aşağıdakı sözləri danışırdı: – Kazaklar silah axtarmaq bəhanəsi ilə Hacı Əli ağa Xətayinin evinə girib, iki qadını öldürmüşlər. Qadın və qızların həyətdən küçəyə əks edən fəryadı məni sarsıtdı və iradəm tamamilə əlimdən alınmış kimi, özümü saxlaya bilməyərək, divara söykəndim. Başımdakı fikirlər bir-birinə qarışdı, mən o fikirlərin içərisində çırpınırkən, qarşımda bir fayton olduğunu dərk etdimsə də içində kim olduğuna əhəmiyyət verə bilmədim. Buna imkanım da yox idi: gözlərim bu qədər cinayəti görməkdən, beynim isə ehsas etmək və duymaqdan yorulmuşdu. Başımı aşağı dikmişdim; vücudum sanki ağır bir məngənə içərisində sıxılırdı. Bir əl mənim başımı qaldırdı. Başımı qaldırınca, hər şeydən əvvəl, gözüm brilyanta tutulmuş qol saatına sataşdı. Mən hər gün o saatı miss Hannanın qolunda görərdim. – Mənim əziz dostum, burada nə üçün durmusan? Bu səs məni yerimdən tərpətdi: – Özümü çox fəna hiss edirəm, rahatsızam, – dedim. Miss Hannanın rəngi ağarmışdı. Bu vəziyyətim ona təsir edir və öz-özünə danışırdı. Onun müəmmalı və mübhəm tənqidlərinin çar üsuli-idarəsinə qarşı çevrildiyini hiss etmiş deyildim, lakin onun danışdıqlarına cavab verəcək qüvvətim yox idi. Miss Hanna mənim qulağıma farsca: – Mən tora mifəhməm. – Mən səni anlayıram! – sözünü çox yavaşdan deyərək, məni özü ilə bərabər faytona əyləşdirdi. Biz örtülü faytonda gedir və küçədə icra olunan cinayətləri görmürdük. Lakin bir-birinin dalınca, o cinayətlər səbəbi ilə qoparaq getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. Miss Hanna ətirli dəsmalını çıxarıb mənim gözlərimi silərkən, mən ona aşağıdakı şeiri oxudum. İlaci bükon göz diləm xun nəyayəd, Sirişk öz roxəm pak kərdən çi hasil? Miss Hanna şeiri dinlədikdən sonra bu cavabı verdi: – Mən bilirəm ki, sən bu həyasız və dəhşətli mənzərəyə baxa bilmirsən, çünki bu yerlər sənin vətənindir. Lakin siz bugünkü ağır vəziyyəti görmək məcburiyyətindəsiniz, bu hadisə gərək baş verəydi! – Nə üçün? – Çünki siz çar hökumətinin aciz və xırda feodallardan ibarət olan Şərq ölkələri hesabına genişləndiyini gördüyünüz halda, öz ölkənizi xırda feodallar ölkəsi olmaqdan qurtarıb mərkəzləşdirə bilməmişsiniz. Buna görə də istər İngiltərə, istər Rusiya hökumətləri mərkəzi hökuməti güzəştə məcbur etmək üçün kiçik feodalları çox asanlıqla ələ gətirə bilir və məqsədinə də nail olur. Sən heç də darılma. İran bu qurbanları verməyə məcburdur; xalqı da ayağa qaldıran və inqilab ətrafına toplayan bugünkü qurbanlar olacaqdır. Evə gəldik. Amerikalı qız öz redikülündən iyirmi beş dənə əlavə himayə vəsiqəsi çıxarıb verdi: – Bunu da tanışlarınıza verin, yenə də gətirəcəyəm. Mən iranlıların dostuyam, sənin dərdlərinə hər zaman şərik ola bilərəm. Ona təşəkkür etdim, sonra da qız Amerika konsuluna verilən notanı oxudu. Çar konsulu bu notasında edam ediləcək adamlar haqqında məlumat vermişdi: «Beynəlxalq qanunları ayaqlayan, avropalıların həyatını təhlükə altına qoyan və böyük dövlətlərin razılığı ilə Təbrizdə sülhü-səlaməti bərpa üçün gələn rus soldatlarına hücum edənlər edam ediləcək və edam edilənlərin siyahısı əlavə olaraq cənab konsula göndəriləcəkdir». Qalxıb getmək istəmirdim, çünki son günlərin həyatı plansız və məqsədsiz keçirdi. Buna görə də uzun-uzadı söhbət etdik. Qız rahatlığımı təmin üçün əlindən gələni əsirgəmirdi. Nəhayət, axşam saat doqquzda oradan hərəkət etdim. Evə gəldim. Lakin evdə heç kəsi görmədim, Hüseynəli əmi yenə də həyətdə çubuğunu qurdalayır və Səriyyə xala ilə söyüşürdü. Onlar məni görən kimi səslərini kəsdi. Hüseynəli əmi isə mənə yanaşaraq: – Sizi xanımgildə gözləyirlər, – dedikdə, mən qayıdıb Ninanın evinə yola düşdüm. Nina konsulxanadan qayıtdıqdan sonra xəstələnmiş və bayılmışdı. Onun yataq otağı bir yas məclisinə dönmüşdü. Nina hələlik özünə gəlməmişdi. Təhminə xanımın qızları ilə özü də ağlayırdı. Məşədi Kazım və Ələkbər yoldaş isə Təbriz inqilabının daha bir qəhrəmanını itirəcəklərini zənn edərək həyəcanlanırdılar. Mən bu vəziyyəti görürkən özümü unudub bu zavallı qızın qeydinə qaldım. Həkim dalınca heç kəs getməmişdi, çünki küçələrə çıxmaq qorxulu idi. Buna görə də mən konsulxana həkiminə müraciət eləmək üçün getmək istədim. Biz həkim gətirmək üzərində məsləhətləşirkən, Nina əlini hərəkətə gətirdi. O, əli ilə lazım deyil işarəsini verdi. Ninanın özünə gəlməsi hər kəsi sevindirdi. Sənubər və Töhfənin dodaqları onun dodaqlarına yaxınlaşırkən, Ninanın qolları qalxıb onları qucaqladı. Bir neçə saniyə onların saçlarını sığallayaraq Nina heç bir söz danışmadı. Nəhayət: – Qorxmayın, heç bir şey yoxdur, – dedi, – ürəyim keçmişdi, bir azca su verin. Ona su verdilər. Sonra gözlərini açaraq: – O gəlmədimi? – deyə soruşduqda mən: – Nina, buradayam. Özünə ürək ver, ölənlərlə ölmək yaramaz, yaşamaq və yenə də işləmək lazımdır! – dedim. Nina gözlərini dolandırıb mənə baxdı. Onun baxışlarından etiraz etmək istədiyi görünürdü. Mən onun əlini əlimdə saxladığım zaman bütün vücudunun titrədiyini hiss edirdim. Onun varlığı tamamilə sarsılmışdı, o bu hadisələrin ağırlığını çəkə bilmirdi. Amerikalı qızın evində intihar etmək dərəcəsinə gəlməsəydim, yaxud küçədə bayılıb divara söykənməsəydim, onda mən də başqaları kimi, qadınlar haqqında başqa cür düşünəcək və qadın qəlbinin mətanətsiz və zəif olduğunu iddia edəcəkdim. Lakin Nina öhdəsinə götürdüyü vəzifə etibarilə qadınlar haqqındakı yanlış düşüncələrin tam mənasilə ortalıqdan qalxmasına meydan açdı. Nina məndən və mənim kimi bir çoxlarından daha mətanətli, daha qüvvətli çıxdı. O, bir qadın olaraq inqilab hərəkatında öz dəyərini lazımınca göstərdi. O, başını qaldırıb yerində oturdu. Qonaqlara müraciətlə: – Yəqin ki, bu gecə sizi qonaq edə bilməyəcəyik. Təhminə xanımın başı mənə məşğul olduğundan hazırlıq görməmişdir, – dedi. Təhminə xanım: – Yox, hazırlıq vardır, – dedi, – səhərdən dilinə bir şey dəyməmişdir. Bəlkə, qonaqların səbəbinə sən də bir şey yeyə biləsən. Nina bir söz deməyib süfrə salınmasına razı oldu. Süfrəni onun yataq otağında döşədilər; qollarını sevinclə açaraq dərin və yorğunluq çıxarıcı bir nəfəs aldı və: – Min şükür olsun ki, özümüzünkülərin hamısı buradadır, – dedi. – Amma bilmirəm Əsədin başına nə gəldi? Hələ süfrə tamamilə döşənməmişdi ki, qapı vuruldu. Təhminə xanım qapıya getdi. Bir az sonra Tütünçüoğlu əlində bir səbət içəri girdi. Gecə saat 12-də onun küçəyə çıxmasına hamımız heyrətləndik. O, əlindəki səbəti yerə qoyub soyundu, paltosunu aparıb balkonda asıb içəri girdi. Mən ona sual verdim: – Əsəd, gecənin bu vaxtında nə üçün evdən dışarı çıxdın? – Əlimdə vəsiqə vardır. Kimdən və nədən qorxacağam? Mənim canım bacının canından artıq deyil ki? – Sənə Ninanın xəstəliyini kim dedi? – Həsənağa xəbər verdi. O, evi yalnız qoyub gələ bilmədi. Nazənin xanımı da götürüb gəlməsinə mən razı olmadım, mən özüm də evdən nigaran deyiləm. Çünki orada qoca anamdan başqa heç kəs yoxdur. Subay oğlanın birisiyəm. Nina ona sual verdi: – Bəs o səbətdəki nədir? – Üzümdür, qış hulusudur, heyvadır, bir də qarpızdır. Sənin payındır, saxlamışdım, dedim başıma bir qəza gələr, gətirə bilmərəm. Anam da dedi ki, o xəstələnibdir, sərin şeylərdir, götür get, bəlkə, yedi. Ninanı, indiyə qədər bu gecəki kimi şad və mehriban görməmişdim. O, Tütünçüoğlunu yanına çağırıb üzündən öpdü: – Sağ ol, qardaşım! – dedi. – Mən bütün qanım və ruhumla qaynayıb sizə qarışmışam, sizdən heç vaxt ayrılmayacağam. Şam yeməyi bitmişdi, gecə saat iki idi. Ninanı buraxıb getmək mümkün olsaydı belə, küçələrə çıxmaq məsləhət deyildi, buna Nina da razı deyildi. O: – Bu gecə nə sizi buraxacağam, nə də özüm yatacağam, – deyirdi. Mən: – İndi ki, biz burada qalmalıyıq, gecəni səhər etmək üçün uzun və məşğuledici bir söhbət tapmaq lazım deyildirmi? – deyə məclisə bir sual verdim. Nina: – Qoy Məşədi Kazım ağa öz başına gələndən və öz inqilabi fəaliyyətinin tarixindən söhbət eləsin, – deyərək Məşədi Kazım ağanı çıxılmaz bir vəziyyətdə qoydu. O, ilan kimi qıvrılmağa başladı və Ninaya müraciət edərək dedi: – Ay bacı, axı mən nə danışım? Doğrudur, mən inqilabçıyam, amma bununla belə tacir babayam. Alış-veriş söhbəti də ki, burada olanların xoşuna gələn söhbət deyil. Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir, hətta üç-dörd dəfə bunun vasitəsilə amerikalıların qulağını yaxşıca kəsdim, beş-on şahı qazandıq, inqilaba da kömək oldu, buna baxmayıb yenə də mənim söhbətimə güləcəklər. Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm. Nina onun yaxasından əl çəkmədi, yenə də soruşdu: – Əcəba, inqilabdan danışa bilməzmisiniz? – Axı niyə bilmərəm? Orada iştirak etməmişəmmi? – Elə mənim də istədiyim bu deyilmi? Mən istərəm ki, sizin inqilabda nə cür iştirak etdiyinizi öyrənim. Bundan da maraqlı bir söhbət ola bilərmi? Danışın görüm nə cür iştirak etdiniz? Məşədi Kazım ağa: – Elə belə də! – deyib durdu, əllərini bir-birinə sürtərək üzümüzə baxdı. Onun göz bəbəkləri də özünün bir məcburiyyət qarşısında durduğunu və çıxılmaz bir vəziyyətdə qaldığını ifadə edirdi. Mən Məşədi Kazım ağanı gözəlcəsinə anlayırdım. Nina onun ən qıdıqgələn yerindən yapışmışdı. Nina bir tacirin inqilaba nə məqsədlə yanaşdığını öyrənmək istəyirdi. Məşədi Kazım ağa isə öz məqsədini bildirmək və özünün iç üzünü açmaq istəmirdi. Nina ona bir sual daha verdi: – Yəni necə «elə belə də?» – Yəni dediyim budur ki, elə belə də. İnqilabçıyıq da... – İnqilabda iştirak etdinizmi? Yenə də edəcəksinizmi? – Edərüx də, etmərüx də? Bə neynərüx? Hamımız güldük. Çünki Məşədi Kazım ağanın ikimənalı sözündən bir şey anlaşılmadı, o özünə verilən tələbatın altından çıxmağa can atsa belə, bacarmadı. Nina onu yenə də məcbur etdi: – Mən dediyim budur ki, siz inqilabda nə cür və nə üçün iştirak etdiyiniz haqqında bizə danışasınız. Məşədi Kazım ağa gülümsəyərək dedi: – İnqilab etmişüx, edəcəyüx, də necə də ki, etməyəydüx? Etdüx. Amma dalda demirəm. Yoldaş Əbülhəsənbəyin üzünə deyirəm, hətta bir gün geyinib səngərə də getdim. Yaxşı da geyinmişdim. Piştov və sair kəm-karastımı götürmüşdüm, amma bombanı yoldaş atan kimi mən özümü itirdim, buna baxmayıb oturmuşdum. Yoldaş özü də buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. Mən də durub çıxıb gəldim. Amma Allah şahiddir ki, mən inqilab yolunda malımdan, canımdan keçən adamam. Mənim bu az xidmətimi inqilabçılar qəbul etsələr, özüm də çox şad olaram. Məşədi Kazım ağa bunları deyib durdu. O bununla da Ninanı qane etdiyini düşünürdü, buna görə də mən: – Sənin inqilabda xidmətin çoxdur, sən inqilabçı tacirsən, ancaq başqalarına bənzəmirsən. Sən inqilabın paraya ehtiyacı hiss etdiyi günlərdə öz paranı əsirgəmədin. Özünə təklif edilmədiyi zamanlarda belə para təklif etdin. Lakin başqa varlılar belə deyildi. Səndən yüz qat varlı olanlar, inqilaba beş şahı yardım verməmək üçün köçüb əks-inqilab qərargahına getdi. Bunların hamısı nəzərdədir. Sənin bu xidmətin, doğrudan da, inqilab tarixində qeyd ediləcək xidmətlərdəndir. Lakin inqilabda olan iştirakın bununla bitmiş olmur, səni inqilabçılar sırasına cəlb edən bir səbəb vardır ki, Nina da onu öyrənmək istəyir. Məşədi Kazım ağanın gəlinləri Töhfə və Sənubər də onu yaxaladı. Onun sağ və solunda durub, Ninanın sualına cavab verməsini təkidən tələb edirdilər. Məşədi Kazım ağa məclisdə əksəriyyətin tələb etdiyini görərək mənə bir sual verdi: – Nə buyurursunuz, danışım ya yox? Yersiz düşməz ki? – Çox da yerlidir. İndi ki, inqilabçısan, nə üçün də bunun səbəbini söyləməyəsən? Ninadır, görəsən, haradan bu fikir onun başına gəlib. Yaxandan əl çəkməyəcəkdir! O artıq danışmağa hazırlaşırdı. Mən bu məsələ ilə, Ninadan daha artıq maraqlanırdım, çünki bu gecə rus kapitalisti ilə İran kapitalistinin şüur və görüş dairəsi üzərində bir müqayisə aparmaq mümkün olacaqdı. Hər halda hakim çar kapitalisti ilə çar müstəmləkəsi sayılan Təbriz kapitalistinin düşüncəsində fərq olmamış deyildi. Digər bir cəhət də vardır ki, o da çoxdan bəri tanış olduğumuz və yüz minlərlə parasını sərf etdiyimiz bir zatın siyasi simasını öyrənmək, kiminlə oturub durduğumuzu bilməkdi. Məşədi Kazım ağa: – Nina bacı! – dedi. – Siz məndən inqilaba nə məqsədlə xidmət etdiyimi soruşursunuz. Lakin mən sizə bunu deməliyəm ki, bu sual yalnız mənə deyil, İranda ticarətlə məşğul olan və inqilaba hüsnirəğbət bəsləyən bütün tacirlərə veriləsi bir sualdır. İranda mühüm bir xüsusiyyət vardır ki, o xüsusiyyət bütün iqtisadi müəssisələri, bir tərəfdən çar, o biri tərəfdən də şah hökuməti əleyhinə mübarizə aparmağa məcbur edir. Lakin mən, hazırda sizin sualınıza verdiyim cavabı İranın bütün inqilabpərvər tacirləri tərəfindən yox, ancaq öz tərəfimdən verəcəyəm. Bəlkə, başqalarının bu məsələyə aid fikri daha dərindir və bəlkə də, başqa cürə də düşünürlər. İran taciri, yaxud şəxsən mən özüm, bir şərqli və bir savadsız olduğuma baxmayaraq, ticarət və iqtisadi işləri bir ingilis və bir rusdan daha yaxşı bilirəm. Lakin bu bilgini həyata keçirmək məsələsinə gəldikdə necə ki mən, eylə də başqaları ingilis və rus tacirinin qabağında bir iş görə bilmirik, məğlub oluruq. Çünki yerli hökumətin özünəməxsus iqtisadi siyasəti olmadığından, məmləkətin siyasi və iqtisadi ixtiyarı əcnəbilər əlində bulunduğundan, yerli sərvət mənbələrinin hər birisi bir əcnəbinin imtiyazındadır. İstər Peterburq, istərsə London çox gözəl və mədəni şəhərlərdir. Onların kəndləri də bizim şəhərlərimizdən gözəldir. Hər kəs oralarda həyat keçirməyi arzu edir. Lakin mədəni ingilis və mədəni rus bizim palçıq divarlardan ibarət olan kəndləri və dar döngələrdən ibarət olan küçələrimizi daha artıq sevir. Əcnəbi dövlətlərin rəğbətini cəlb edən nə bizim ölkəmizin əski mədəniyyət ölkəsi olması, nə Hafizlər, Sədilər, Xəyyamlar və sairlər vətəni olduğu üçün deyildir. Onlar İranın iqtisadi vasitələrinə sahiblənmək və təbii sərvətini əldə etmək üçün cənubda və şimalda İranın cəmdəyinə daraşmışlar. Onlar İranı öz aralarında bölüşüb yeyir, İranın öz taciri, öz kapitalisti isə əllərini qoynuna qoyub bu qarətə tamaşa edir. İran kəndlisinin, İran əsnafının, İran peşəkarının cibindən çıxaraq əcnəbi sandığına girən hər bir qara pul, İran taciri, İran kapitalistinin cibindən çıxarılır. Hər kəsə bəllidir ki, biz İran tacirləri, İran kapitalistləri, İranda mövcud olan iqtisadi mənbələrdən ingilis, alman və ruslardan daha asan, daha əlverişli istifadə edə bilərik. Lakin buna imkan yoxdur, çünki bizə mane olurlar, işin yaxınına qoymurlar. Bizim tərəqqi və inkişafımıza əngəl törədən yalnız əcnəbilər deyildir, öz üsuli-idarəmiz də hər qədəmdə bizim mənafeyimizi satmağa hazırdır, çünki çürük üsuli-idarə bununla da yaşayır. İranda çürüməkdə olan feodalizm üsuli-idarəsini davam etdirmək və mövqeyini saxlamaq istəyən İran şahları, öz nicatını məmləkəti əcnəbilərə satmaqda görür. Padşahlar ancaq əcnəbilərə arxa verməklə yaşaya bilir: çünki daxildə istinad edə biləcəyi heç bir qüvvəyə malik deyildir. Biz İranda nə fabrik, nə zavod, nə də iqtisadi bir müəssisə düzəldə bilmirik. Buna iki manea vardır: dövlətimizin əcnəbilərə bağladığı təhqiramiz əhdnamə buna imkan vermir. Biz hər nə işə əl vururuqsa, haman saat bir rus, yaxud bir alman kapitalisti öz imtiyaz vəsiqəsini göstərib işimizi dayandırır. Məşədi nəfəsini dərib davam etdi: – Qənd zavodu açdıq, bağladılar, çini qab karxanası düzəltdik, qoymadılar. Müxtəsər hər nə işə əl atdıqsa, başqasının ixtiyarında olduğunu gördük. Məmləkətin hər bir hüququ bir müahidə ilə satılmışdır. Bu bir səbəb. İkinci səbəbə gəldikdə o da fəqət yerli hökumətin əcnəbi dövlətlərdən asılı olmayaraq, şəxsən bizə manea törətməsindən ibarətdir. Məmləkətimizdə nə hüquq, nə də ədliyyə qanunu vardır. Bizdə qanun padşahın və onun quldurlardan ibarət olan vəzirlərinin, yerli hakimlərinin kef-mayəşası ilə düzələn bir qanundur. Buna görədir ki, İran taciri, İran dövlətlisi, əlində olan mayasını işə və istifadəyə buraxa bilmir; çünki padşah və padşahın yerli nümayəndələri, öz aralarında bölüşdürmək üçün nəqd pul aramaqdadırlar. Biz əcnəbilərin ağzından min cür səyasətlə qurtardığımız axırıncı qara qəpiyimizi, yerli qulluqçulara, yerli hakimlərə vermək məcburiyyətindəyik. Bütün bu səbəblər bizi inqilab ətrafına toplamışdır. Biz bir tərəfdən əcnəbi nüfuzu ilə mübarizə etmək, o biri tərəfdən də şaha qarşı üsyan qaldırmağa məcburuq. Biz əlverişli bir üsuli-idarə yaradıncaya qədər vuruşmalıyıq. Bizə iqtisadi istiqlaliyyət verə bilən bir üsuli-idarə lazımdır. Belə bir üsuli-idarəni əldə etmək üçün başladığımız bir üsyanda qalib gəlməzsək, ikinci və üçüncü üsyanı da başlamalıyıq. Çünki bizə öz hökumətimiz və öz müstəqil iqtisadi siyasətimiz lazımdır, – deyə Məşədi sözünə ara verib davam etdi: – Mənim inqilaba rəğbət bəslədiyim və onun qalib gəlməsinə çalışdığım buna görədir. Məşədi Kazım ağa inqilaba qarşı olan əlaqəsini aydın etdi, söz yoxdur ki, bu düşüncə onun öz düşüncəsi olmayaraq, ümumiyyətlə müstəmləkələrdəki kapitalistin və bir yerli burjuanın daşıdığı fikir idi. Heç şübhə yoxdur ki, Məşədi Kazım ağalar, məşədinin dediyi kimi, yalnız öz hökumətlərini quruncaya qədər inqilaba rəğbət bəsləyəcəkdir. Hər yerdə olduğu kimi, milli burjuaziya öz hökumətini qurduqdan sonra silahını bir zaman silah arkadaşı olan inqilabçılara tərəf çevirəcəkdir. * * * İki matəm Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi. Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə: «Ey şir, bu gün yetiş həraya, İmdad elə ali-Mustəfayə!» deyərək iki əli ilə döşünə və başına çırpırdı. Yalandan ağlayanlar, doğrudan ağlayanlar, təbil, şeypur çalanlar, ağır bayraqları dişində gəzdirənlər, Həzrəti Abbas və imam Hüseynin atının şəbihini göstərənlər, əyinlərinə qara paltar geyib, atları öpən və: «Harda qoydun həzrəti-Abbasımı, Kimlər öldürdü cənabi-Qasımı, Harda qoydun Kərbala-sultanını. Tökdülər harda Hüseynin qanını?» deyən kiçik uşaqlar təbrizliləri ağladır, onlara baxan əcnəbiləri isə güldürürdülər. Dəstələr «ya imam Hüseyn!» deyə qışqırdıqca, kazaklar da onları təqlidlə: – «Yaman qüsen!» deyərək, döşünə vururdu. Dəstələr: «Ey xeyməsi talan olan Hüseyn vay, Ey Zeynəbi nalan olan Hüseyn vay». dediyi və ağır addımlarla irəlilədiyi zaman, inqilab rəhbərləri də həbsxanadan çıxarılıb çar soldatlarının nizələri qabağında «sərbazxana»da qurulmuş dar ağaclarının dibinə gətirilirdi. Qabaqca Siqətülislam, onun dalınca Şəmsülüləma, Ağaməhəmməd Qafqazlı, onların dalınca da Əli Müsyönün iki kiçik oğlu gəlirdi. Həmin bu zamanda da, Təbriz camaatından: «Ey şir, bu gün yetiş həraya» – deyə qışqıranların səsi eşidilirdi. Bu səs Sadiqülmülkün qulağına yetişdikdə o, Ziyaülüləmaya müraciətlə dedi: – Bəli, – «ey şir, bu gün yetiş həraya!» Biz də deməliyik ki: «Lənət belə qovm-bivəfayə!» Dar ağaclarının ətrafında duran yüzlərcə çar soldatından bir səs çıxmırdı. Qabaq sırada daxili və xarici əsk-inqilabın nümayəndələri durmuşdu. Onlar hərbi səhra məhkəməsi sədrinin oxuduğu hökmü dinləyirdi. Bu dar ağacının altında durub, ölüm gözləyən yeddi nəfərin edam hökmü idi. Hökmdə bu adamlar Təbriz inqilabının rəhbərləri kimi deyil, Təbriz xalqına mədəni və ümumi əhaliyə asayiş və əmniyyət gətirən dinc soldatlara hücum edən şərarətçilər, bandalar kimi təsvir edilirdi. Dəstələrin səsi yenə də eşidilirdi: «Ey kaş bu gün bu dəmdə, olaydıq Kərbəladə». Bu səslər dar ağacının kəlləsindən əks etdiyi vaxt Siqətülislam üst paltarını çıxarıb dara çəkilməyə hazırlaşırdı. Onun boğazına Səmədxanın, çar tərəfindən sabunlanmış kəndirini keçirmişdilərsə də, hələ ayağının altından kürsünü çəkməmişdilər. O bu azacıq vaxtdan istifadə etməklə üzünü ətrafda duran yerli və xarici əks-inqilabçılara tutaraq Heyrətin bir şeirindən aşağıdakı parçanı oxudu: ...Mənsur bər səri-dar qofta, ənəlhəq Mərdanı hər nümudənd, ingunə payidari... Şeirin dalısını deməyə vaxt olmadı. Kürsünü çəkməyə məmur olan çar soldatı, öz vəzifəsini artıq yerinə yetirmişdi. Aşura təntənəsi davam edirdi. Ziyaülmülk kürsünün üzərinə çıxdığı zaman, dəstələrin: «Olmadıq biz heyf Kərbubəladə, ya Hüseyn!» demələrini eşitməmiş deyildi. O, kürsünün üzərində özünü düzəltdi və Sadiq Təbrizinin şeirindən ikicə misra oxuya bildi. «Budim bəxab dər şəbustani-ədəm Bidar şüdim, baz dərxab şüdim». Çar hökuməti əlini yeni bir qanla daha boyadı, edam təntənəsi bitdi, lakin aşura təntənəsi hələ bitməmişdi. Mən Əmir bazarçasından keçərkən Tütünçüoğluna rast gəldim. Mən ona sual verdim: – Əsəd, haradan gəlirsən? Onun boğazı tutuldu, cavab verə bilmədi, ağlamaq istədi. Mən yanımızdan keçənlər şübhələnməsin deyə: – Özünüələ al, gəl gedək! – dedim. O ağladı və: – Özümü necə ələ alım, darmadağın olduq, kimimiz qaldı? Kimə arxalanaq? – dedi. – Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən inqilabçı kütlələrin istiqbalına arxalana bilərik. İmam Hüseynə ağlayan ürəklərdən əlavə minlərcə ürəklər daha vardır ki, bu gün asılan yeddi nəfər üçün göz yaşı tökür. Onu sakit elədim. Nəhayət, danışdı və bizim konsulxana vəsiqələri üzərində düzəltdiyimiz saxta vəsiqələri mücahidlərə paylayıb gəldiyini xəbər verdi. Hələ o qədər getməmişdik. Yenə də lənətçi Məşədi Məhəmmədin məscid qapısında durub lənət oxuduğunu gördük. Dayandıq. Bu gün rəhbərlərin asılması münasibətilə, onun lənətlərinin də məzmunu dəyişmişdi. İndi nə Yezid, nə Şümür, nə Ömər, nə də Osman adı çəkilirdi. O, lənət oxumağa tamamilə yeni adamlar tapmışdı. Durub dinlədik: – Urusi şalvar geyən müctəhidə lənət! – İki çiyninə qurşaq bağlayan alimə lənət! – Əlini Allah bilən müctəhidə lənət! – Saqqalını peysərindən qoyana lənət! Lənətçinin başına yüzlərcə adam toplanmışdı, lənətlərinin hamısı inqilab rəhbərlərinə aid idi. O, lənətlərini oxuduqca, oraya toplaşan camaat bir səslə: – Min lənət! – deyərək, ona səs verirdi. Bəziləri yanında duranlara müraciət edərək: – Gedə, niyə lənət oxumursan! Dilin lal deyil ki! – deyib məzəmmət edirdi. Orada dayanmağımız mümkün deyildi. Yolumuzu dəyişib «Hacələkbər» bazarçasına tərəf getdik. Burada Mirmanaf Sərrafın oğlu Mir Murtuza qarşımıza çıxdı. O, ağ bir uzunqulağın üstündə oturub bir dəstə nökəri ilə gəlməkdə ikən, Hacı Mirzə Həsən ağa müctəhidin oğlu Mirzə Məsud ağa da uzunqulaq üstdə, öz nökərləri ilə bərabər onların qabağına çıxdı. Bunlar bir-birinə təsadüf edincə, hər iki uzunqulaq burun-buruna söykədi, üstlərindəki ağalar danışmağa başladı. Mirzə Məsud ağanın birinci sözü bu oldu: – Məlunların şərrini, Təbriz camaatının başından rədd etdilər!.. Cənab ağa, bu məmləkətin, bu dinin bir həqiqi sahibi vardır. Həqiqətən də, din sahibi bizi öz başımıza buraxmayıbdır. Gördünüz ki, hökumətin orduları, topları bu məlunlara kar etmədi, bunları yerində oturda bilmədi, amma imperatorun əli uzandı, məlunları məhv elədi. Ağa, heç şübhə yox ki, haman elə də Allah və dinimiz kömək elədi. Mir Murtuza Mirzə Məsud ağanın cavabını verirkən: – Xudavəndi-aləmə min şükür olsun! – dedi. – Aşura sahibi, aşuraya gələnlər və ona mövhumat deyənlərin haqqında öz qərarını çox gözəl, çox da pakizə verdi. Hərgah imperatorun mərhəməti olmasaydı, din düşmənlərini Təbrizdən təmizləmək mümkün olmayacaqdı, az çəkəcəkdi ki, məlunlar bu aşuranı da bizim əlimizdən alacaqdı. İndi özüm də konsulxanadan gəlirəm, cənab konsul məni bir məsləhət üçün yanına çağırmışdı. Cənab konsulun söhbət arasında buyurduğuna görə, hələlik Siqətülislam, Şəmsülüləma, Ziyaülmülk, Sadiqülmülk, Ağaməhəmməd Qafqazlı, Əli Müsyönün də iki oğlunu... Mirzə Məsud: – Allaha min şükür, – deyərək onun sözünü kəsib eşşəyini məhmizlədi. Onlardan biri sağa, o biri sol tərəfə yollandı. Biz isə evə döndük. Axşam qaranlıqlaşırdı. Nina çoxdan bəri gəlib məni gözləyirmiş. O heç bir söz danışmadan redikülündən Səmədxanın konsula yazdığı məktubun üzünü mənə göstərdi. «Heşmətməab konsul cənablarına! Cənab general! On beş nəfərin həbsinə aid göndərdiyiniz siyahının imza olunmasını məsləhət görmədim, çünki biz bunları həbs etməklə, bir çoxlarının Təbrizdən qaçmasına səbəb ola bilərik. Mən belə məsləhət görürəm ki, bu adamları da ümumi həbs olunmalı adamlarla birlikdə həbs edək. Mən Mahmud xana tapşırmışam ki, siyahıda göstərdiyimiz adamları nəzarət altına alsın, hərgah bir tərəfə hərəkət etmək istərlərsə həbsə alınsınlar. Siqətülislam və həmfikirlərinin edam edilməsinə aid məlumatım yoxdur, inşallah Təbrizə məhərrəməlharamın on dördündə varid olacağam. Əqəl Səməd. Nemətabad, məhərrəməlharam». Bundan sonra cənab konsulun həbs və edam etdirmək istədiyi adamların siyahısına oxudu: Mirzə Əhməd Süheyli. Hacı Əli dava satan, silahlı qüvvət təşkilində iştirak etdiyi üçün. Səttar xanın böyük qardaşı Hacı Əzim və iki oğlu. Mirzəağabala müəllim, Xiyaban məhəlləsindən. Mir Kərim Natiq. Mərzəli Natiq. Məşədi Məhəmməd Əmi oğlu Üskülü. Kəblə Haşım dəllal. Aleksandr (gürcü). Mirzə Rza («Şəfəq» qəzeti müdirinin atası). Tağıyev Qafqazlı. Məşədi Abbasəli qəndçi (Səttar xanın cəbbəxana müdiri). Hüseynxan Maradanlı... Bunların Təbrizdən çıxarılması üçün təşəbbüs etmək mümkün deyildi. Çox gec idi. Vaxtilə bunlara da şəhərdən çıxmaları üçün dəfələrcə yalvarmışdıq. Lakin özləri bundan boyun qaçırmışdı. İndi isə kənara çıxa bilməyəcəkdilər. Səmədxanın məktubunda, Mahmud xana yazdığı və onların nəzarət altına alındığı bəlli idi. Hər halda sər-hesab olmaları və öz işlərini sahmana salmaqları barəsində onlara xəbər verməyi lazım bildik. Bu isə şəhərə intibahnamə buraxılması ilə mümkün olacaqdı. Nina Səmədxanın əmisi oğlu Mahmud xandan söhbət açaraq, onun çar konsulxanası və Səmədxanın rizası ilə şəhər komandanı təyin olunduğu və gecələr qapıları döyüb evlərə girməsini, vəsiqə tələb etməsini söyləyərək dedi: – Bu gün səhər saat doqquzda Mahmud xan öz adamları ilə qapımızı vurub içəri girdi. Mən konsulxana işçisi olduğuma dair vəsiqə göstərdim. O, bundan sonra söhbətə başlayaraq, vəzifəsinə aid olmayan bir çox sözlər danışdı. Nəhayət, mən onun evdən çıxmasını tələb elədim. Ninanın bu sözündən sonra mən düşündüm ki, konsulxana işçisi ilə belə rəftar edən Mahmud xan yerli xalqla nə cür rəftar etmiş olmalıdır. Ninaya başqa söz demək olmazdı. Ancaq bir kərə: – Onu evə buraxma! Qapını vursa belə açmayın! – dedim. Şəhərə buraxılacaq intibahnaməni yazmağa başladıq. Qanlı əllər işə başlayır «Təbriz camaatı! Ruhdan düşməyin! Siz əks-inqilab üzərində qələbə çaldığınızı unutmayın! Qələbələrin əldən buraxılmasına imkan verməyin! Çar nökərlərinə, xəfiyyə vəzifəsi daşıyan seyidlər və mollalara aldanaraq öz inqilabçı vətəndaşlarınızı və sizin üçün bütün varlığından keçənləri çarın qanlı əllərinə verməyin! Çar cəlladları görəcəyi işləri, öz nökərləri olan Hacı Şücaüddövlə Səmədxana tapşırmışdır. Sizin azadlığınız uğrunda işləyənlərdən yeddi nəfərini asdılar. Onları Hacı Şücaüddövlənin imzası ilə istilaçı çarın cəlladları asdı. Hacı Şücaüddövlə məhərrəmin 14-də Təbrizə girəcəkdir. Təbriz irticai, Təbriz əks-inqilabçıları yeni bayrama, inqilabçıların ümumi həbsinə, ümumi edamına hazırlanır. Təbriz camaatı! Çar istilası uzun müddət davam edə bilməyəcəkdir. Çarlıq üsuli-idarəsi öz içindən çürüməkdədir. Məmləkət yenə də öz işçi, öz yoxsul, öz kəndlisinə qalacaqdır. Öz rəhbərlərinizi cəlladlar əlinə verməkdən saqının. İnqilab hələ ölməmişdir, o, yenə də vaxtında öz silahlı qüvvəsilə meydana çıxmağa hazırdır. Gələcəyin lənət və intiqamından qorxun! Rədd olsun irtica! Rədd olsun çar əmri ilə iranlıları məhv etməyə hazırlaşan Hacı Səmədxan! Rədd olsun çarın ağ, yaşıl və göy əmmamə daşıyan nökərləri! Rədd olsun İran yoxsullarını əzmək üçün çar himayəsinə girən aristokratiya, xırda bankir və tacirlər! İran inqilab komitəsi». İntibahnamələrin divarlara yapışdırılması mümkün olmadığı üçün küçələrə tökülməsinə qərar verildi. * * * General-qubernator Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi. Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü. Qalib gələn rus silahının qanlı şəfəqləri ilə üzünü qızardan yerli irtica, bütün varlığı ilə küçələrə çıxmış və bir gün əvvəl geydiyi aşura qarasını üstündən tökmüşdü. Döngələr və qapılardakı qara matəm bayrağı yerində çar bayrağı asılmışdı. Bir gün əvvəl «ya Hüseyni-məzlumi-Kərbəla» sözləri yazılmış olan qara bayraqları əvəz edən bayraqlarda «Zindəbad imperator» sözləri oxunurdu. «Va Hüseyn» sədası çıxan burjuaziya evlərində bir xanəndənin «Bepürsidəm mən əz dövran. Güca İskəndəru Xaqan? Beqofta kist İskəndər? Zəmani-dövləti rusəst». şeirini kamança ilə oxuduğu eşidilirdi. Zadəgan xanımlar, yenə də şahın gözəl bala dərvişinin şəklini Loriqan ətri saçan döşlərindən çıxarıb öpür və ona ithaf edilmiş: Biya bu baba, hu baba! Kəməri tila ku baba! Bu baba! Hu baba! mahnısını oxuyur və güzgünün qabağında fırlanırdı. Gündə bir dövlətin qucağına atılan siyasi fahişələr, istiqbal libasını taxıb dışarı çıxmağa hazırlaşır, atına, uzunqulağına, faytona əyləşirdi. Nina ilə mən bu barədə konsuldan və sərdar Rəşiddən məktub almışdıq. Onlar bizə Hacı Səmədxanın istiqbalına getməyi lazım görmüşdülər. Bu tövsiyə olmadan da, Nina bu istiqbal rəsmi ilə çox maraqlanırdı. Buna görə də onu yalnız buraxmaq istəmədiyimdən özüm də hazırlandım. İki faytonla yola düşdük. Faytonun birində mən, Nina, o birində isə Məşədi Kazım və Ələkbər yoldaş oturmuşdu. Nemətabad yaylasından başlayaraq qubernatorun mənzil edəcəyi Nizamüddövlə bağına qədər yol, Hacı Səmədxanın xüsusi alayı olan Marağa atlılarının nəzarəti altında idi. Neçə gündən bəri Təbriz xalqının malına, canına, irz-namusuna təcavüz etməkdən yorulmayan bu alay bir gün əvvəl çar konsulxanasından verilən yeni rus silahı ilə silahlanmışdı. Çar qubernatorunu Təbrizə daxil etmək üçün konsul bir eskadron rus kazakı göndərmişdi. Qubernatoru hər bir ehtimala qarşı mühafizə etmək üçün yolların mühafizəsi çar kazaklarına tapşırılmışdı. İran istiqlalının məzarı üzərində tikilən «taqi-zəfər» Təbriz zadəgan və əks-inqilabçılarının evində yetişdirilmiş rəngarəng çiçəklərlə bəzənmişdi. Səmədxanın faytonu ətrafında gedən kazak musiqi dəstəsi, ölmüş İranın milli marşını çaldıqca, musiqi alətlərinin səsi də, o səsi dinləyənlərin iqbalına sanki istehza edirdi. Səmədxanın özünəməxsus musiqi dəstəsi də, məhərrəmlik münasibətilə təziyə və matəm marşı çalaraq keçirdi. Təbriz ruhaniləri birinci sırada, piyada və ya ağ eşşəklərə səvar olub ağ əmmaməli, yaşıl əmmaməli, çalmalı, papaqlı olaraq, yürüməkdə və ətrafına dönərək, köpəklər kimi çiyinlərini qapmaqla: – Salam əleykum və əleykum salam! – deməklə, dəstələri yarıb keçməkdə idi. Ruhanilər, müctəhidlər, seyidlər və mərsiyəxanlar dəstəsinin dalınca dərvişlər dəstəsi gəlirdi. Biz bu dərvişlərin bir çoxunu, Səttar xanın qapısında durub mədhiyyə oxuyan görmüşdük. Onların çiyinlərində tutduğu və əllərində oynatdığı naçaq və təbərzinlər bir meşə mənzərəsini təşkil edirdi. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu fəxri dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. Nina dərvişlərin hərəkətindən və çiyinlərini qısaraq fırıldamasından maraqlandığı üçün mən faytonun dərvişlər dəstəsinin yaxınından sürülməsini tapşırmışdım. Dərvişlər oxuyurdu: – Gedəndə Xeybər üstünə əli vəliyyi-ləmyəzəl; – Hüseyndən çun alıb izni-karzar Abbas; – Xaliqi yektaya bir məxluqi-yektadır Əli; – Mənəm ol şir ki, nərəm səfi-meydanı yıxar; – Tiğimin zərbətinə sövləti-dərya durmaz; – Şücaət aləmində heydər-kərarə bənzərsən; – Ey kirdigarın əzəmi-əsması ya Əli; – Beşikdə əjdahanı öldürən şiri-jəyanimsən... Mən bunların hamısını mümkün qədər Ninaya tərcümə edir və aydınlaşdırırdım. Birdən Nina maraqla məndən xəbər aldı: – İranda bu mərsiyə və mədhiyyələrin qabağına çıxacaq yeni inqilabi ruhlu ədəbiyyat yaranırmı? Mən bilmirəm, görəsən, cüzi də olsa, bugünkü mübarizəni ifadə edən bir şairimiz, bir əsərimiz varmı? Mən Ninaya cavab verə bilmədim. Çünki Mahmud xan mənimlə Ninanın bir faytonda getdiyini görərək, atını bizim faytonun yanına sürdü. O, Ninaya salam verdi, lakin Nina ona əhəmiyyət vermədi və mənə müraciətlə: – Bax bu həyasıza, ancaq bircə kərə evimizə vəsiqə soruşmaq üçün gəlib qovulmuş, indi isə hörmətli bir tanış kimi mənə salam verir və dişlərini ağardır. Mən bu hadisənin gələcəkdə böyüməsini yəqin etsəm belə, Ninanı rahətsiz etməmək üçün: – Əhəmiyyət vermə! – sözünü deməklə kifayətləndim. Dərvişlərin dalınca lənətçi Məşədi Məhəmməd gəlirdi. Lənətlərinin mündərəcəsi məşrutəni təhqir etməkdən ibarət idi. Lakin onun səsini eşidən, lənətinə ümumi səslə cavab verən yox idi. Çünki Səmədxan əyləşdiyi fayton çox yaxında idi, onun çomaqçıları Qocaxan və Ağabalaxanın: – Çəkil! Çəkil! Kənar! Kənar! Yoldan çıx! – deyib çığırmaları lənətçi Məşədi Məhəmmədin səsini kəsirdi. Lənətçi hər nə qədər boş yer axtarır və ora-bura soxulub səsini Səmədxana eşitdirmək istəyirdisə də, şatırlar faytonun sağ-solunda qaçdığından, lənətçini kənara atıb gedirdi. Lənətçi şatırlardan qurtarıb dilənçilər dəstəsinin içinə düşdü. Səmədxanın faytonu gəlib Nizamüddövlə bağına yaxınlaşdı. Faytonun qabağında oturan xidmətçi əlində saxladığı mis qabdan götürdüyü qran pulları dilənçilərin arasına səpələməyə başladı. Yüzlərcə dilənçi biri-birini ayaqlayıb pulları qapmağa çalışırdı. Ayaq altında qalanların səsləri içərisindən, lənətçi Məşədi Məhəmmədin də səsi eşidilirdi. «Kor Kərim» hamıdan dalda gəlirdi. Onun məşrutəyə yazdığı həcvlərini eşidən çox az idi: çünki yüzlərcə riyakarın yaltaqcasına səsləri ona mane olurdu. Hacı Səmədxan Nizamüddövlə bağına daxil oldu. Mən və Nina faytondan düşərək, valinin görüşünə gedənləri nəzərdən keçirmək istədik. Tütünçüoğlu faytonda qaldı. Bir saatdan artıq Nizamüddövlə bağı ətrafında dolaşaraq bağa vəsiqə ilə daxil olanları gözdən keçirdik. Seyidlər əllərində həbs olunacaq adamların siyahılarını tutub bağa daxil olduqları zaman, Hacı Mehdi Kuzəkünani dəxi ağ eşşəkdə gəlib qədim dostu Hacı Səmədxanın görüşünə getdi. Mən Hacı Mehdini Ninaya nişan verərək dedim: – Buna məşrutə zamanında «Millətin babası» ləqəbi verilmişdi. Bu Hacı Mehdi Kuzəkünanidir. Xəstə olduğu üçün istiqbala gedə bilməmişdir. İndisə dostunun görüşünə gəlir. Çox ehtiyatlı bir tacirdir, vaxtilə inqilabdan istifadə edirdi, indi də əks-inqilab qərargahına köçmüşdür. Hacı Səmədxanın istiqbal təntənəsindən yenicə qayıtmışdıq. Nina sözü yenə də faytonda açdığı məsələ üzərinə gətirib dedi: – Rudəkidən, Firdovsidən və sonrakı Hafizlərdən və Sədilərdən mənə danışmısan; onları az-çox bilirəm, indi də de görüm bu gün nə qayırırsınız, sizdə yeni inqilabi ruhlu ədəbiyyat yaratmağa başlanıbmı? Mən: – Əlbəttə! – dedim. – Mədhiyyə, mərsiyə ilə yanaşı olaraq, zəif də olsa, hər halda bizim şəraitdə inqilabi ədəbiyyat yaranmaqdadır. Lakin bu ədəbiyyat, şaha qarşı bəslədiyi nifrətini açıq-açığına deyə bilmir. Onların şaha qarşı hücumu simvoldan, işarə və eyhamlardan, müəmmalı sözlərdən ibarət olub qalır. Onlar zalım padşaha demək istədiyi sözlərini, rəhmsiz sevgililərə, gözəllərə, onların saçlarına, öldürücü gözlərinə, ox kimi qəlbi dələn kipriklərinə deyir və bununla da padşahı düşündürməyə, ona bir çox şeylər qandırmağa çalışırlar. Şairlərdən birisi öz sevgilisinə xitabla: – Mənim qəlbim sənin qara saçlarına bağlanıb, sənə rəiyyət olmuşdur. Sən ona yaxşı bax, onu gözlə, rəiyyət yaxşı yaşadıqda məmləkət abad olmağa başlar, – deyir. Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyyatına qarşı düzələn müxalifətçi qruppaların fikrini nəşr edən şairlər, öz şeirlərində mühiti tənqid etməyə başlayırlar. Məsələn, Azərbaycan şairlərindən Ovhədi yazdığı şeirinin birisində deyir ki: «Bütün dünyanın sərxoşları ayıldı, amma bizim sərxoşlar hələ də ayılmamışdır». Padşahın simasını təyin etmək, onun nə kimi bir şəxsiyyət olduğunu kütlələrə bildirmək işində şeir yazanların ən cürətlisi Əsədidir. O, şeirinin birisində belə yazır: «Padşahın yanında iki şey vardır: birincisi, ümid, ikincisi, qorxu. Padşahın sevdiyi başqa şeylər də vardır. Birisinə şərbət içirmək, digərini isə zəhərləmək. Sən daima padşahın yanına gedəndə qorxmalısan, onun yanında özünü azad bir insan kimi yox, bir kölə kimi aparmalısan. Sən günahkar olmasan belə, yenə də onun hüzuruna günahlı bir adam kimi getməlisən. Sən, əlbəttə, şahın təbəssümlərini görüb onun mərhəmətli bir zat olduğunu zənn etmə, çünki şirin dişlərini göstərməsi gülmək əlaməti deyildir». Mühitini təsvir edən inqilabçı, fəqət susmağa məcbur olmuş. Cəbali adlı İran şairi daha qəmgin bir şeir yazır, o deyir ki: «Mürüvvət və vəfa aradan götürülmüşdür. Bu iki məfhum, Simurq quşunun mövcidiyyəti və misdən altun qayırmaq fikri kimi əfsanə olmuşdur. Əqilli adamlar bir guşədə qısılıb qalmışdır. Fəzilət sahiblərinin hər birisi bir bəlayə mübtəladır. Əsrimizdə dəli ilə əqilli adamlara fərq qoyan yoxdur. Artıq heç bir kəs yabançı ilə dostuna fərq qoymaq qabiliyyətinə malik deyil, hətta mənim də nəsrimdə məzəmmət, nəzmlərimdə isə həcvlər görünmür». Astarabadlı Sadiq padşahın rəiyyətə qarşı əlaqəsini təsvir etdiyi bir şeirində deyir ki: «Ac laçın o qədər ədalətlidir ki, aciz olan sərçəyə öz gözünün içində yer vermişdir». Nadim təxəllüslü daha başqa bir şair, kütlələrin nə cür bir fəlakət içərisində yaşadığını iki misra ilə çox gözəl surətdə təsvir edərək yazır: «Dünyada ən yazıq və rəhm edilməli adam odur ki, bizim yazıq olmadığımız haqqında düşünər». İnqilabçı ruhlu isfəhanlı Şahnəzər padşaha qarşı bəslədiyi düşmənliyi qəti bir cümlə ilə yazır: «Ya biz düşmənin başını daşa çırpıb əzməliyik, yainki düşmən öz dar ağaclarını bizim bədənimizlə bəzəməlidir. Bir nəfərin şərəfli ad buraxıb ölməsi, yüzlər ilə adamın həqarət içərisində yaşamasından çox yaxşıdır». Padşahın rəiyyəti soyduğu, kütlələrin fəqir halda yaşadığı, sufi şairlər arasında da təsirsiz qalmır. Sufi təxəllüslü şair padşaha müraciətlə yazdığı bir parçasında deyir: «Şahım, sənin nə taxtin, nə də tacın özünə qalacaqdır. Sənə qalan bir şey varsa, o da sandığına doldurduğun pulları ac və yoxsullara verməkdən ibarətdir». Hazırda müasir və inqilabçı şairlərdən Ədibülməmalik farsca yazdığı şeirində deyir: «Təəssüf olsun ki, tarlalarımızı su basmışdır. Müsibətli əkinçilər isə yuxuya dalmışdır». Şair Heyrət məmləkəti əcnəbilərə satan və rəiyyəti ikitərəfli istismara verən padşaha hücum edərək yazır: «Ey pişikdən və siçandan əskik olan padşah, dovşan yuxusunu burax! Ölkəni gözləmək və doğru yol ilə getmək işini heç olmazsa köpəkdən öyrən!» Ey kəm zegürbəvü muş, Büzgar xabi xərguş? Röv, röv, zi səg biyamuz, Ayini həq güzari! Sözlərimi bunlarla bitirmək istəyirdim, lakin Nina buraxmadı, o mənə müraciətlə: – Sən indi də, bir azacıq İran Azərbaycanında yaşayan türklərin ədəbiyyatından danış, – dedikdə, mən bu məsələ haqqında da bir neçə şey deməyə məcbur oldum: – İran türkləri, hələ çar Qafqaziyasında türkcə mətbuat yaradılmadan qabaq Azərbaycan dilində hekayələr və nağıllar çap etdirmişlər, – dedim. Sonra İranda, Azərbaycan mədəniyyətinin inkişafına mane olan səbəbləri izah edərək İran şahlarından bəhslə əlavə etdim: – İran padşahı İranda mövcud olan Azərbaycan xalqlarının əzilməsi üçün türk-fars vuruşmaları təşkil edərək, Xorasan və başqa əyalət şəhərlərində yüzlərcə insanların həlakına səbəb olur və türk milli mədəniyyətinin unudulması üçün qəti tədbirlər görür. Hökumət birinci növbədə farslığı təbliğə başlayır və türklərin yerləşdikləri ölkələrdə Azərbaycan ədəbiyyatının sıxışdırılmasına çalışır. Nəsrəddin şahın zamanından başlayaraq türkcə mətbuat qadağan edilir və o zamana qədər çap edilmiş kitablar təkfir edilməyə başlanır və Təbrizdə türkcə çap edilmiş nağıl kitablarının da oxunması qadağan edilir. Yerli müctəhidlər və ruhanilər türkcə yazmaq və türkcə oxumağın haram olduğunu elan edirlər. İş bu yerə çatdıqdan sonra müəyyən siyasi təşkilatların göstərişləri ilə yazılmış tarix kitabları, İran Azərbaycanında türklərin mövcud olmaması məsələsini meydana atır və onların fars qövminə mənsub olduğunu isbata çalışır. Bu kimi tarixlər yalnız İran türklərini deyil, eyni zamanda Qafqaz türklərinin də kökünü fars qövminin rişəsinə düyünləməyə çalışır. Sonra yavaş-yavaş fars ədəbiyyatında bu siyasəti tərənnüm edən nümunələrə təsadüf olunur. Fars şairi Arif öz əsərində İranda 4 milyona qədər azərbaycanlı yaşadığı ilə hesablaşmayaraq yazır: «Türklərdən eşşəklikdən başqa bir şey görülməmişdir». «Mədəniyyət ruhu daima azərbaycanlılardan əziyyət çəkməkdədir». «İran nəjadı ilə azərbaycanlıların arasındakı fərq, ipək ilə həsrin arasındakı fərqin eynidir». Arif öz əsərində məsələni daha qəti qoyaraq yazır: «Məmləkətdən Azərbaycan dilinin rişəsini kəsməlidir». İran padşahları İran türklərinin milli mədəniyyətini, milli ədəbiyyatını əlindən aldıqdan sonra onlara bir gözəl sifət də vermişdir: «Azərbaycanlılar iranpərəstdir!» Sözüm bura çatanda, Nina başına hərəkət verərək: – Məsələ aydındır! – dedi. * * * Misyonerlər və müstəşriqlər Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim. Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi. Mən Məşədi Kazım ağanın ticarət otağına girdiyim zaman, miss Hannanı da orada gördüm. Onu burada birinci dəfə gördüyüm üçün təəccüb etdim, hələ bir az da özümü itirən kimi oldum, çünki Nina Məşədi Kazım ağanın ticarət otağına tez-tez gəlirdi. Heç şübhə yoxdu ki, Ninanın amerikalı qızı burada görməsi şübhələrə səbəb olacaq idi. Nə isə, o məni gördükdə, Məşədi Kazım ağanın yanında qoyduğu məktubu götürüb mənə verdi. Hələ mən məktubu oxumadan qızın özü məktubun məzmununu mənə dedi: – Bu gecə əziz qonaqlarım vardır. Sizinlə tanış olmaq istəyirlər. Vaxta çox az qalırdı. Qızla müvəqqəti vidalaşıb evə qayıtdım. Libasımı dəyişərək onun evinə qayıtdıqda miss Hannanın qonaqları toplanmışdı. Qonaqlar Amerika konsulxanasının baş katibi Ferikson, arvadı Sara, Amerika konsulu, onun arvadı Mariya, Amerikadan yeni gəlmiş müstəşriq Hertman və bəhayi misyoner Ağa Mir Əsədulla idi. Bunlardan tanış olmadığım və birinci dəfə olaraq görüşdüyüm, yalnız misyoner və müstəşriq idi. Bunlarla da tanış oldum. Miss Hanna məni həmişəki kimi təqdim etdi. Amerika konsulu və onun katibi məni onlara tərif edərək: – İranın ziyalı tacirlərindəndir, – dedilər. Ortalıqda dolanan söhbətlərin hamısı dini mövzularda idi. Mən bu söhbətlərə qarışmır, bitərəf bir adam kimi kənardan dinləyirdim. Söhbət müstəşriqlə misyoner arasında gedirdi. Mən bu söhbətlərdən həddindən artıq darılırdım, çünki din söhbətlərinə sərf edilən hər bir dəqiqəyə heyifim gəlirdi. Onların mübahisələri Şərqdə mövcud dinlər və təriqətlərdən idi. Lakin müstəşriqin Şərq dinləri və Şərq təriqətləri mövzusunda başladığı söhbət bir savadsızın mühakiməsindən heç də irəli getmirdi. Danışdığından məlum olurdu ki, bu müstəşriq, Şərqi özündən əvvəl gələn şərqşünasların yazılarından öyrənmişdir. Buna görə də bəhayi misyoner öz sübutları və öz misalları ilə müstəşriqi sükuta məcbur etmiş və məclisi əlinə almışdı. Miss Hanna bu məclisə həddindən artıq qiymət verir və Şərqə aid bu söhbətlərdən öz bloknotuna bəzi şeylər qeyd edirdi. Miss Hannanın bu hərəkətindən mənim heç də xoşum gəlmirdi. O mənə özünün inqilabçı bir qız olduğunu söyləyib, hətta mənim yolumla getməyə and içmişdi, buna baxmayaraq, yenə də evində dini mübahisələr düzəldərək, məni də bura cəlb edir və bunun yaxşı iş olmadığını dərk etmirdi. Ağa Mir Əsədulla mənə müraciət edərək farsca soruşdu: – Cənabınız islamiyyətin hansı təriqətini daşıyır? Mən bir az necə cavab verəcəyimi düşündüm. Lakin sükut etdiyim dəqiqələrin hər bir saniyəsi miss Hannanın həyəcanının artmasına səbəb olurdu. Cavab verdim: – Nə kimi təriqət daşıdığım haqqında qəti bir cavab verə bilməyəcəyəm, çünki çox gəncəm. Şərqdə mövcud olan təriqət və dini cərəyanlar isə o qədər dolaşıq, o qədər müxtəlif və mürəkkəbdir ki, oradan bir həqiqət aparmaq üçün bir gəncin qısa olan həyat tarixi kifayət etməz. Ağa Mir Əsədulla mənim öz əqidəmi söyləməkdən boyun qaçırmaq istədiyimi dərhal hiss eylədi və: – Bu barədə sizin həqiqət aramağınıza heç də lüzum yoxdur, – dedi, – bu həqiqət vaxtında aranılmış və Allah-taalanın məsum irədəsini yer üzünə yaymaq üçün rəhbərlər zühur etmişdir. – O, rəhbərlər kimdir? – O, rəhbərlər bir-birinin yolunu davam etdirən Bab, Bəha və Əbdülbəhadır. – Çox pakizə. Mən çox təşəkkür etməliyəm ki, bu gecə miss Hannanın vasitəsilə böyük bir zatla tanış oluram. Lakin təəssüf ediləcək bir hal vardır ki, o da mənim dini mübahisə sahəsindəki savadsızlığımdır. Məncə, bu cəhət, mənim sizinlə olan söhbətimin müəyyən və doğru bir yol ilə gedə bilməməsinə səbəb olacaqdır. – Fikrinizi və getdiyiniz dini yolu necə ki, düşünürsünüz, elə də ifadə buyurun! Mən bu barədə də sizə kömək verməyə və qəlbinizin kasəsindəki bulanıq suları təmizləyib həqiqətdən süzülüb çıxmış saf sularla doldurmağa hazıram. Ağa Mir Əsədullanın məqsədini tamamilə anladım. Onun məqsədi mənim dini əqidəmi bilmək deyildi, o məni bəhayi dininə təbliğ etmək fikrini daşıyırdı. Mən bəhayilərlə çox danışıb və görüşürdüm; lakin onların təbliğatçıları, xüsusən bütün bəhayi dünyasında məşhur olan Ağa Mir Əsədulla ilə danışmamışdım. Buna görə də onun Bab və bəhayiliyə dair geniş məlumat verməsinə zəmin hazırlamaq üçün: – Biz din və təriqəti dəbdən düşməyə, hörmət və etibarını itirib, bəşəriyyətin tərəqqisinin qarşısını kəsib tarixi geri çəkdiyi aydınca sübut edildiyi bir dövrdə dünyaya gəldik! Musa, İsa və Məhəmməd dinləri... deyincə... Ağa Mir Əsədulla sözümü kəsdi: – Cənab ağanın buyurduqları əski dinlərə görə doğrudur. O dinlər xalqa yeni mədəniyyət verməkdə acizdir. İstər Bab, istərsə Bəha və Əbdülbəhanın buyurduğu da budur. Onlar da təlimatlarında eyni fikirlər göstərməkdə və xalqı əsrin tələbatı ilə uyğun mütərəqqi, mədəni və bütün dünyaya sülhverici və bəşəriyyətin qardaşlığını təmin edə biləcək bir dinin ətrafına dəvət buyurmaqdadırlar. Belə bir din də Bab, Bəha və Əbdülbəhanın dinidir. Bütün dünya cəhalət qaranlığında boğulduğu vaxt adət üzrə Allahın nuru bir peyğəmbərin vasitəsilə yer üzünü işıqlandırmışdır. Söylə görüm, Musa peyğəmbər dünyanı Fironun zülmü əzdiyi bir zamanda zühur etmədimi? Allahın nuru, əsrlər keçdikcə bir bəşərin simasında zahir olmadımı? Bəni İsrailin peyğəmbərlik dövrü bitdikdən sonra İsanın nuru parlamadımı? İsadan altı yüz iyirmi iki il keçəndən sonra Məkkə tərəfindən Məhəmmədin camalı dünyanı işıqlandırmadımı? Məhəmməddən 1260 il keçəndən sonra fars üfüqlərindən Allahın parlaq ulduzu zühura gəldi və həqiqi nurun atəşi Şiraz şəhərindən yanmağa başladı. Doğruçu sübhün əlamətləri göründü. Qaimin, yəni Mehdiyi-sahibəz-zəmanın zühuru səsi bütün dünyada eşidildi. Bab dünyaya gəldi. Ağa Mir Əsədulla sözlərinin kifayətləndirici olduğunu zənn edərək soruşdu: – Yəqin sizi qane edə bildik? – Xeyr. – Nə səbəbə? Görünür mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz? – Çox gözəlcə əhatə etdim, lakin qəbul kəlməsilə əhatə kəlməsinin arasında olan fərqləri də anlayıram. Madam ki, biz dini mübahisəyə başlamışıq, gəliniz məsələni biri-birinə qarışdırmayaq. Əvvəlcə mən sizə bir sual verməliyəm, – deyərkən, Mir Əsədulla özünü topladı. O, bəhayi təbliğatının avam aldadıcı cümlələrini mənim qarşıma tökmək üçün bütün bacarığını və məlumatını səfərbərliyə almağa başlayıb mənə dedi: – Mən sizə tövsiyə edirəm, – dedi, – siz Bab və bəhayilik aləmi barəsində uzun və uzadı mütalıə etməlisiniz. Bu iki zatın, yəni Bəhanın, Babın peyğəmbər olmasının sübutu budur ki, onların hər ikisi Məhəmməd peyğəmbər kimi ümmi doğulmuşdur. Yəni mədrəsə və müəllim görmədən alim doğulmuşlar. Mən: – Bunu mən «Kitabi-Əqdəsdə» və «Bəyan»da oxumuşam – dedikdə, Mir Əsədulla: – Barəkəlla. «Kitabi-Əqdəs»də və «Bəyan»da yazır ki, «Allah öz əmrini, öz nurunu məktəb şagirdi olmayan və mədrəsə görməyən bir zatın simasında əks etdirmişdir». – Mən bunları yalnız «Kitabi-Əqdəs» və «Bəyan»da deyil, bütün təfsilatilə «Fəraid» adlı əsərdə oxumuşam. Oradakı dolaşıqlıq, «Əqdəs» və «Bəyan»da olduğundan daha dərindir. Buradakı yalançılıq yuxarıda göstərilən kitablarda olandan daha artıqdır. Mən də sizdən rica edirəm ki, öz kitabınız olan «Fəraid»in 464-cü səhifəsini oxuyaraq onu «Kitabi-Əqdəs» və «Bəyan»ın yazıları ilə müqayisə ediniz. Bab və Bəhanın anadan alim doğulduğuna gəldikdə, burada da bir neçə söz deməliyəm: Bab və Bəhanın tarixi Məhəmmədin tarixi kimi minillik olsaydı, bəlkə də, onun ana bətnindən alim doğulduğuna inananlar tapılardı. Təəssüf olsun ki, Bab və Bəhanın məktəb yoldaşları, oxuduğu məktəblər və sair, tamamilə xalqın xatırında və kitabların səhifəsindədir. Əvvəlcə Babı götürəlim. Bab şirazlı Mirzə Rzanın oğludur. Adı Əliməhərdir. Onlar Şirazda məşhur çit tacirləridir. Bab hələ gənc ikən «Şeyxabid» ləqəbi ilə məşhur olan Şeyx Məhəmmədin tərbiyəsində olmuşdur. O, Kərbəlaya getmiş, orada Şeyx Əhməd Ehsayının şagirdi olan Rüştəli Seyid Kazımdan dərs oxumuşdur. Bundan əlavə Bab, Şirazın özündə, Bəndərbuşirdə və Bağdad şəhərində də bir neçə mədrəsədə təhsil etmişdir. Daha bunun anadan alim doğulduğu harada qaldı? Bir az da Bəhayi adlanan Mirzə Hüseynəlinin ana bətnindən alim doğulduğu haqqında danışacağam. Mirzə Hüseynəli gənclikdə Mirzə Nəzərəli həkimin yanında nə üçün dərs oxuyurdu? Hərgah o, doğrudan da, anadan alim gəlmişsə, onun yarım savadlı bir müəllimin yanında dərs oxuması nə lazım idi? O, Süleymaniyə şəhərində nə üçün təhsilə gedirdi? O, «rəini-[?]rəfa» sayılan Şeyx Əbdürrəhmandan nə üçün dərs oxuyurdu? Bəha özünün «İqan» adlı dini əsərini Süleymaniyə şəhərində yazmamışmı? O əsərin adı əvvəlcə «Kitab xülya» deyildimi? Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdikdən sonra, bəhayilikdə daha qaranlıq qalmış bir məsələni də aydın etməliyik. Mir Əsədulla şaşırmış bir surətdə soruşdu: – O hansı qaranlıq məsələdir? – Təəssüf edirəm ki, biz bu məsələni həll etmək üçün yenə də sizin «Bəyan» və «İqan» adlı dini kitablarınıza müraciət etməliyik. Hərgah cənab Seyid icazə verirsə, bu məsələ ətrafında bir qədər danışardım. Mir Əsədulla: – Rica edirəm, – dedikdə, miss Hanna və müstəşriq Hertman da o sözü bir neçə kərə təkrar etdi. – Əvvəlcə Bab və Bəhanın kimliyi və dini siması haqqında danışmalıyıq. Necə ki, Bab, elə də Bəha öz əsasını islamiyyətin bir təriqəti, hətta mübahisəli və ixtilaflı olan bir şöbəsi üzərində qoymuşdur. Bunların hər ikisi şiələrin bir imamı kimi zühur etməyə məcbur idi, çünki Məhəmməd deyir ki, mən axırıncı peyğəmbərəm, buna görə də peyğəmbər namilə gələn hər bir kəsə yalançı deyəcəklərdi. Cənab ağa, dediklərim doğrudurmu? – Bəli, doğrudur. – Bunlar bir imam kimi zühur etdikdən sonra, peyğəmbər olmaq üçün, öz dini kitablarında belə bir şüar buraxdılar: «Allahın nuru hər əsrdə bir nəfərin simasında zühur etdi, əvvəlcə Musa, ondan sonra İsa, İsadan sonra Məhəmməd və Məhəmməddən sonra mən gəldim». Cənab ağa, bunlar doğrudurmu? – Bəli, doğrudur. – Çox gözəl. İndi buyurun görək Bab və Bəhanın Allah olduğuna nə isbatınız var? – Onlara Allah demirik. – Deyirsiniz. İcazə verin Babın «Bəyan» kitabında yazdıqlarından bir neçə cümləni sizə xatırladım! Bab yazır ki: «Hər kəs Adəmi, Nuhu, Samı, İbrahimi, İsmayili, İsa, Şəmun və sair peyğəmbərləri görmək istəyirsə, məni görməlidir. Məhəmməd və Əli də mənəm (Məhəmmədəli Bab); Həsən və Hüseyn də məndən ibarətdir». Tutalım ki, bunların hamısı doğrudur. Bu sözlərə inanmaq da mümkündür. Çünki Bab da xariqüladə və fövqəltəbii bir sima olmadığı kimi, onun saydığı peyğəmbərlərdə də o xariqüladəlik yox idi, bunu açıq söyləmək kafirlik və dinsizlik də deyildir. Çünki Məhəmmədin özü də kitabında yazır ki: «Mən də sizin kimi bir bəşərəm». Lakin Bab peyğəmbər olmaqla da kifayətlənmir, o «Bəyanda» yazır ki: «Mən Allaham». Vaxta ki, Allah bir bəşər şəklində zühur etmişdir, o vaxt Allahda da bəşərə məxsus bütün xüsusiyyətlər mövcud olmalıdır. Yəni evlənmək, yemək, içmək, yatmaq, ölmək və sairə, «İqan»da bunu daha da aydın yazır. Orada deyir ki: «Babın məqamı, niyabət, xilafət, imamət deyildir. Bu zühur Allahın zühurudur. Bu zühur, səltənəti-ilahiyənin yerlərdəki zühuru deməkdir. Bəha xudayi-mütləqdir. Yerin, göyün xaliqidir. Tur dağında Musa ilə danışan da Bəhanın özüdür». İndi həmin bu cümlələrə istinadən sizə bir sual verirəm: «İqan» və «Bəyan»dakı bu xəbərlərə siz inanırsınızmı? – İnanmalıyıq! – Bab, doğrudan da, Allahın zühurumu deməkdir? – Bəli! – Bu halda sizin və ya müsəlmanların əqidəsincə gözə-görünməyən Allah harada qalır? O yenə də eyni vəziyyətindəmi davam edir? Yaxud tamamilə gözəgörünməz Allahlıq pərdəsini ataraq yerlərəmi köçür? – Xeyr, gözəgörünməyən Allah yenə də öz əski vəzifəsində, öz əski varlığında qalır. – İndi burada sizə bir sual da verirəm: müsəlmanların əqidəsincə Allaha şərik qərar verən dindən xaricdir. Buna siz nə deyirsiniz? İki Allah ola bilərmi? – Xeyr, ola bilməz. – Bu halda sizin öz dediklərinizə istinadən belə bir nəticə çıxarmalıyıq ki... Doğrusu bunu demək böyük cəsarətdir. – Fikrinizi söyləyin. – Allaha şərik qərar verən bəhayilər və özünü Allah hesab edən Bab kafir və onların dini kitabları isə batil kitab hesab olunmalıdır. Hərgah Bab və Bəhada fövqəltəbii bir xüsusiyyət zühur etsəydi, bəlkə də, avamlar və həlalik din təsirindən çıxa bilməyənlər, onun ətrafına toplana bilərdi. Ağa Mir Əsədulla: – Vardır. Babda və Bəhada bəşərdə görünməyən xüsusiyyətlər vardır. Bu barədə sizi qane edə bilərəm, – dedi. Şam süfrəsi salındı. Süfrə başında Ağa Mir Əsədullanın halı özündə deyildi. Çünki o, müstəşriqin yanında nüfuzunu itirmiş, bununla da müstəşriqi bəhailiyə təbliğ etmək imkanları bərbad olub getmişdi. * * * Süfrə başından çəkilib çay içməyə keçmişdik; mən də, Ağa Mir Əsədulla da mübahisədən boyun qaçırmaq istəyirdik. Mən işi çox da dərinləşdirmək istəmirdim, çünki Ağa Mir Əsədulla müstəşriqlə bərabər miss Hannanın ziyafətinə gəlmiş əziz qonaq hesab olunurdu. Mən onu təhqir etmək fikrində deyildim. Lakin miss Hanna müstəşriq Hertmanla bərabər mübahisənin davamı üçün israr edirdilər. Onlar əvvəlcə mənə müraciət etdilər, lakin mən bir söz bilməyəcəkdim. Çünki keçən mübahisəmizdə Ağa Mir Əsədulla Babda Allaha məxsus bir süfət olduğunu isbat edəcəyinə söz vermişdi, buna görə də əvvəlcə söhbəti o başlamalı idi. Mən Ağa Mir Əsədullaya müraciət edərək: – Mən çox rica edirəm ki, Babda Allahlığa məxsus nə süfət olduğundan danışasınız. Mir Əsədulla: – Xeyli xub! – dedi. – Mən bu barədə sizə eşitmədiyiniz bir çox həqiqətlər söyləyəcəyəm. Bunu bilməlisiniz ki, Babın dediyi sözləri heç bir peyğəmbər deməmişdir. Bab bəşəriyyəti siniflərə ayırmır, o bütün bəşəriyyətin qardaşlığını vəd edir. Bab deyir ki, dünya, ancaq mən gətirdiyim dinin vasitəsilə həddi-buluğa yetişəcəkdir. Babın dini dünyada nəşr edildiyi zaman millətlər arasında din və məzhəb ixtilafı qalmayacaqdır. Bab dini, millətlərin arasında ixtilaf və ədavəti məhv eləyəcək və mədəniyyət Bab dininin möhkəm əsasları üzərində qurulacaqdır. Bu sözləri dedikdən sonra Ağa Mir Əsədulla mənə müraciət etdi: – Buna nə deyə bilərsiniz? Bunları indiyə qədər hansı bir bəşərin dilindən eşitmişsiniz? – Bu sözlərdə Allahlığı göstərə biləcək bir xüsusiyyət yoxdur. Bunlar Babdan daha əvvəl ortalığa sürülmüş bir məsələdir, lakin bir fərqlə ki, ta keçmiş zamandan ən böyük insanlar bəşəriyyətin arasındakı ixtilafın təsviyə olunması üçün dinlərin təsviyəsini lazım bilir. Bab isə yenə də bəşəriyyətin qarşısına yeni bir din qoymuş olur. Ağa Mir Əsədulla bir az duruxdu. Fikrini isbat edə bilmədiyindən pərt olduğu halda mənə belə bir sual verdi: – Hərgah Bəha və Babda Allahlıq qüvvəti yox idi, bəs necə oldu ki, iki nəfər adi və sadə adamın gətirdiyi din bütün dünyaya yayıldı? Mən cavab verdim: – İranlılar islamiyyəti qəbul etdikləri vaxt, onun içərisinə xüsusi bir etiqad olaraq şiəliyi daxil etdilər. Şiəlik bayrağı altında qüvvətli bir səltənət quran səfəvilər aralıqdan çıxdıqdan sonra İran hökuməti səyasət və iqtisadca iflas etməyə və mövqeyini qonşu dövlətlərə təslim etməyə başladı. Qüvvətli bir hökumət səyasətini istinad etməyən şiəlik, iflasa varmış olan İran məmləkətinin fikri həyatında dərin və qorxulu şaşqınlıqlar toxumu saçmağa başladı. Bəhayilik də şaşqınlıq ifadələrindən biri idi. Şiəlikdən siyasi intibah və mədəniyyət ünsürlərinin yoxluğunu təyin etmiş olan İran ziyalılığının, Babın gətirdiyi dinə böyük ümidlər bəsləməsi, bu dindən inkişaf, əsaslı bir yenilik və tərəqqi gözləmələri, bəhayiliyin intişarının əsas səbəbi oldu. Doğrudan da, bəhayilik intişara başladıqda, bir çox narazı və hökumətlə barışmayan şəxslər bu yolun ətrafına toplandı. Babın şagirdləri Mazandaran, Tehran, Zəngəndə hökumət əleyhinə qalxdıqları zaman, hökumətin zülmündən və yerli hakimlərin soyğunçuluğundan təngə gəlmiş bazar əsnafı və narazı ünsürlər də tamamilə Babın dəstəsinə qoşulmuş oldu. Şirazda, Çəhrikdə hökumət qoşunu ilə babilər arasında başlanan mübarizədə xeyli qan töküldü. Babın müridi Molla Məhəmmədəli Mazandaran şəhərini iflasa varmış bazar əsnafının yardımı nəticəsində ələ aldı. Bu cəhət Bab dininin yayılmasına yardım verən birinci və mühüm bir şəraitdi. İkinci şəraiti söyləməyə lüzum vardırmı? Müstəşriq qalxıb əlimdən tutdu və Ağa Mir Əsədullanın özü də: – Mən çox şad oluram ki, bir nəfər avamla deyil, ziyalı bir gənclə mübahisəyə başlamışam, – dedi. – Sizin bəhayiliyə nisbətən rəğbətiniz olmasaydı, bəhayiliyi olduğu kimi öyrənə bilməzdiniz. Aralıqda buraxdığınız bəzi səhvlərə gəldikdə, ümid edirəm Həzrəti Əbdülbəhanın səfayi-batinilə onları da islah edəcək və həqiqi bəhaliliyi qəbul edəcəksiniz. İndiyə qədər bəhayiliyi sevə-sevə tərif edən və o dinə rəğbət bəsləyən miss Hanna, artıq bəhayilikdən üz çevirməyə hazır olan bir adama oxşayırdı. O, maraqla mənə: – İndi Bab dininin intişarının ikinci səbəbini deyin, – təklifi ilə müraciət etdi. Mən də bəhayiliyə yeni bir zərbə vurmağa başlayıb dedim: – XIX əsrdə, Rusiya hücumlarını rəf etməklə məşğul olan Osmanlı sultanları, İran məmləkətinə qarşı hücumlarını dayandırmağa məcbur olmuşdu. Özünü Osmanlı nüfuzu altından qurtarmış olan İran, artıq Rusiya və İngiltərənin siyasi intriqalarına meydan olub qalmaqda idi. İranla fikri ixtilaflara səbəb olaraq hökumət ərkanının həmrəyliyini pozan və onların nəzərini mühüm siyasi məsələlərdən çəkib onları boş, dini münazəə və münaqişə ilə məşğul edən və buna görə də, ümumiyyətlə, ölkənin həyat, müdafiə və tərəqqi qabiliyyətini şikəst edən Babın zühuru, əcnəbi müdaxiləsi üçün əlverişli bir hadisə idi. Bunu, Rusiya və göstərdiyimiz səbəblərə görə, İngiltərə müstəmləkəçiləri də alqışlamaya bilməzdi. Cənubi İranda ingilis müstəmləkəçiliyinə yardım verən Bab zühur etdiyi vaxt, Rusiya səfiri də Mirzə Hüseynəli Nurini Tehranda peyğəmbərliyə hazırlamaqda idi. Mirzə Məhəmmədəli və Mirzə Hüseynəli Nurinin öz çıxışları belə daima əcnəbi intriqasına meydan olmuş hüdud şəhərlərində başlayırdı. Bab Təbrizdə güllələbaran edildikdən sonra, Bəhaullahı da Nəsrəddin şah Tehranda həbs etdirdi. Bəhaullah həbs edildikdə Rusiyanın Tehran səfiri açıqdan-açığa işə müdaxilə ilə onun azad edilməsini tələb elədi. Bəhaullah azad olur-olmaz Tehranda Rusiya səfarəti onu təntənəli bir surətdə qəbul etdi və Bəhaullah uzun zaman rus səfarətxanəsində qonaq süfətilə qaldı. Bundan da əvvəl Bəhaullahın rus səfarətilə sıx əlaqəsi var idi. Onun qardaşı Mirzə Həsən belə rus səfarətinə xidmət edirdi. İran hökumətinin tələbi üzrə, İngiltərə – Rusiya dövlətləri arasında aparılan müzakirə nəticəsində Bəhaullahın Bağdad şəhərində təbid edilməsi qərara alındı. Rusiya səfiri Bəhaullah üçün təntənəli bir müşayiət düzəltdi və rus səfarətinin ən məsul işçilərindən birisi onu Bağdad şəhərinə qədər müşayiət elədi. Bəhaullah Bağdada getdikdən sonra Osmanlı hökumətinin təlimatı üzrə imam Hüseyn ziyarətinə gedən şiələr arasında mürid toplamağa başladı. Bu münasibətlə də İran, Kürdüstan və İraq hüdudları bəhayi təbliğatının qorxusu altında qaldı. İran hökuməti osmanlılarla olan Bağdad müqaviləsini əsas tutaraq, Bəhanın köçürülməsini tələb etdi. Nəticədə də Bəha Əlirnə vilayətinə köçürüldü. Bəhayi rəhbərləri arasında düşən dini ixtilaf nəticəsində Türkiyə hökuməti Bəhaullahı Heyfə şəhərinə göndərdi. Bu gündən etibarən də Fələstini türklərdən qoparmaq istəyən ingilislər, Bəhanın təlimatından istifadəyə başladı. Açıqdan-açığa müstəmləkəçi dövlətləri müdafiə etməsi, Bab kimi, Bəhaullahın da İran satqınlarının və Şərqə yalnız bir müstəmləkəyə baxan kimi baxan Qərb imperialistləri arasında nüfuzunu qaldırdı. İndi bəhayiliyin tamam imperialist dövlətlərin mənafeyini gözləyən, gizlin və siyasi bir təşkilat olduğu da heç kəsdən gizlin deyil! Mir Əsədulla qızğınlıqla: – Yanılırsınız, – dedi. – Mən yanılmıram! Bütün bu dediklərimi, Bəha və Əbdülbəha dininin imperialist dövlətlər əlində alət olduğu iddiasına aid sübutları, Əbdülbəhanın öz əlilə yazdığı «səyyah» sərlövhəli məqalədə daha aydın oxumaq olar. – Siz onu oxumuşsunuzmu? – Bəli, oxumuşam! – Əcəba, siz bu cəhətlərə diqqət verərkən Həzrət Əbdülbəhanın başqa-başqa təalimınə diqqət vermədinizmi? – Hansı təalimınə? – Əbdülbəha iştirakiyun əqidəsini Marks və Engelsdən qabaq meydana atmamışdırmı? – Belə deyil! – dedim. – O deyir ki, biz iştirakiyun firqəsi kimi, dini mədəniyyətə zidd hesab etmirik, çünki əsası din üzərində qurulmayan mədəniyyətin axırı ixtilaldan ibarətdir. Bunu «Fəraid» adlı bəhayi əsərinin 541-ci səhifəsində oxuya bilərsiniz. Bəhayilik sosializm yox, sosializmə qəti meyili olmayan, tamamilə monarxizmi təbliğ edən bir təşkilatdır. Bəhayi dininə sadiq olanlar isə əksəriyyətcə böyük-kiçik tacir, ehtikarçı, dükançılardır. Bəhayiliyin monarxizm tərəfdarı olduğu haqqında da bunu deyə bilərəm ki, bu dinin baniləri vərasət və xanədançılıq rəsmiyyəti ilə din rəyasətinə keçirlər. İlk əvvəl Bab, Babdan sonra Bəha, Bəhadan sonra Əbdülbəha və habelə bir-bir hökumət başına keçməkdədirlər. Hələ özünün marksizmi intişar etdiyi iddiasında olan Əbdülbəha, tam mənasilə monarxist bir şəxsiyyətdir və mütləqiyyətçi hökumətlərlə də dostanə əlaqə saxlamaqdadır. Əbdülbəha çar Nikolaya yazdığı lövhəsində: «Yarəb, işıqlı olan Rusiya hökumətinə kömək elə» demişdir. Əbdülbəha Məmmədəli şah haqqında yazdığı lövhəsində xəbəriniz vardırmı nə yazır? Məmmədəli şah taxta oturduğu zaman «nazik» eylədiyi «lövhədə» bütün bəhayilərə belə bir müraciətdə bulunmuşdu: «Ey əhibba! İranda Məmmədəli şah əleyhinə başlamış inqilaba qoşulmayınız! İran taxtı adil bir padşaha qismət oldu. Ey əhibba! İranda heç bir firqəyə qoşulmayın, heç bir əncümən və siyasi qruplarla yoldaş olmayın. Səltənətə xidmət edin!» İndi siz bəhayiliyin təmamən monarxist bir təşkilat olduğuna inandınızmı? Cənab Seyid məni məzun buyurarsa, bir az da Bəha və Əbdülbəhanın atdığı başqa şüardan danışardım. Bu sözümə Mir Əsədulla cavab vermədi. Mənsə buna baxmayaraq, sözümü bitirməli və zərbəni tamamlamalı idim: – Əbdülbəhanın təaliminda göstərildiyinə görə dünya xalqlarını birləşdirən vasitələrdən birisi də, ümumi dil və ümumi yazı məsələsidir. Halbuki bu Bab və Bəhadan daha əvvəl meydana atılmış bir fikirdir. Esperanto dili və yazısı tərəfdarları, dünya sülhünü dillərin və yazıların süni surətdə birləşməsində görmüş və bu barədə bir kitab da nəşr etmişlərdir. Mən sözümü bitirmişdim. Müstəşriq Hertman Mir Əsədullaha belə bir sual verdi: – Bəhayilik elm və evlad tərbiyəsi işlərinə nə nəzərlə baxır? Mir Əsədulla gülümsünərək: – Qoyun, ağa bu barədə söyləsin, – deyə cavab verdi. Mən: – Hərgah cənab Seyid icazə verirsə, mən bəhayiliyin elm və evlad tərbiyəsinə dair nəzəriyyəsi haqqında danışa bilərəm, – dedim. – Bəha öz təaliminda «fənsiz, yəni fəni ilə əlaqədar olmayan din lazım deyildir» demişdir. Bu sözləri tez-tez «nazil» buyurduğu lövhələrin hamısında təkrar edir. Lakin onların «Kitabi-Əqdəs»ləri tamamilə bu fikrin əleyhinədir. Mir Əsədulla yerindən danışdı: – Burası böhtandır! – dedi. – Mən heç vaxt böhtan söyləməmişəm, yenə də söyləməyəcəyəm. «Kitabi-Əqdəs»dəki bir ayəni sizin xatırınıza salmalıyam. Orada yazır ki: «Əlləmə zurriyyətəkum ma nəzələ minəssəma ülüzəmətü». Yəni evladınıza böyük sənalardən nazil olanları öyrədiniz (yaxud oxudunuz). İndi mən sizə sual verirəm, dini kitabların hansı birisində fənnə aid bir kəlmə vardır? Yaxud bəhayiliyin öz dini əsərlərində bir kəlmə də olsa bu barədə yazılmışdırmı? – Yox Əbdülbəhanın bütün əsərləri, insanları əxlaq dərsinə təbliğ edir. Əbdülbəha yaxşı yaza bilir və öz dinçilərinə də tövsiyə edərək yazır: «Elmin əsası yazıdan ibarətdir. Yazı elmin paltarıdır». Həqiqi bəhayilərdən heç birisi evladını elm və fənnə, xarici dillər öyrənməyə buraxmamışdır. Onlar bəhayi uşaqlarına məxsus məhdud proqramlı xüsusi məktəblər açmışlar ki, bu da xristianlıqda olan kilsə məktəblərinin eyni deməkdir. Ağa Mir Əsədulla bu sözlərdən sonra bir misal gətirdi və dedi: – Günlərin birində, həzrəti İsa öz həvariyyuni ilə gedirdi. Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. Həvariyyun burnunu tutub dedi ki: «Baxın köpəyin nə qədər murdar qoxusu gəlir». Həzrəti İsa onlara cavab verdi və dedi ki, insanların ən fəna xasiyyətlisi odur ki, bir şeyin daima fəna tərəflərini axtarar. Siz nə üçün qoxumuş köpəyin ağ və təmiz dişlərini görmədiniz? İndi də, cənab ağa, bizim müsbət tərəflərimiz haqqında heç bir söz buyurmadınız, halbuki Bəha və Əbdülbəha dinində qadın və izdivac məsələsi lazımınca həll edilmişdir. İndiyə qədər heç bir peyğəmbər Bəhanın və Əbdülbəhanın qadına verdiyi hüququ verə bilməmişdir, – dedikdə mən: – Doğrudan da, mən bəhayilikdə qadın və izdivac məsələlərinə toxunmamışdım, çünki burası bəhayiliyin ən xəstə cəhətidir. Əfv edərsiniz – dedim. – Mən qadın və izdivac məsələlərinə toxunmaqdan utandım. Əvvələ orada çox qabalıqlar vardır, ikincisi də miss Hannanın burada olması qadın haqqında açıq danışmağıma imkan vermədi. – Əcəba, bir söz ki, peyğəmbərin kitabında yazılmışdır, onu demək və dinləmək bir qüsurmudur? – Rica edirəm. Əbülhəsənbəy, yenə də rica edirəm, mübahisəni yarımçıq qoymayın! – İndi ki, miss Hanna icazə verir və cənab Seyidin özü də bu barədə danışmağı tələb edir, bir neçə söz danışmaq lazımdır, – dedim. Mir Əsədulla isə: – Lakin bütün dedikləriniz dini kitaba əsaslanmalıdır, – dedi. – Sizə söz verirəm. Bəhayi şəriətində olmayan bir söz deməyəcəyəm. Bəhaullah «Kitabi-Əqdəs»də izdivac məsələsindən danışdığı vaxt belə yazır: «Sizə haram oldu atalarınızın qadınına evlənmək». Bunu Bəha ərəbcə yazmışdır. Məhəmmədin Quranında qadın barəsində belə bir əmr vardır. Lakin Məhəmməd evlənmək cayiz olmayan qadınların hamısını tamamilə göstərmişdir. Bəha isə yalnız «analarınızla evlənməyin!» demişdir, burada xalq belə düşünə bilər: Bəhayilik dinində olan kişi anadan başqa bacı, bacı qızı, qardaş qızı, xala, bibi, hətta öz qızı ilə belə evlənə bilərmiş. Doğrudan da, hərgah bugünkü bəhayilər bu saydıqlarımızla evlənmək istəmirsə, onlar həqiqi bəhayi deyil! Mən bunu da təkrar etməliyəm ki, Bəhanın «Kitabi-Əqdəs»də yazdığı «analarınızla evlənmək sizə haram oldu» sözləri, bəhayi xalqı arasında böyük bir narazılıqla qarşılandı və Bəha özünün «Sual-cavab» adlı əsərində narazı olanlara belə cavab verdi: «Mən «Kitabi-Əqdəs»də ancaq analarla evlənməyi haram buyurdum, qalanlara evlənmək işi isə «beytülədl» borcudur». İndi bir az da bəhayiliyin qadınlara verdiyi hüquq məsələsindən danışalım. Bəhaullah «Kitabi-Əqdəs»də deyir ki, «qılman hökmünü verməkdən həya edirik». Bu hökmü ilə Bəhaullah öz dinini daşıyanlara, qadınlardan başqa gözəl gənclərlə yaşamaq imkanı da yaratmışdır. Bunun üstündə böyük mübahisələr açıldı. Bəhaullah tənqid edildi. Yenə də Bəha cavabında məsələni «beytülədl»ə həvalə elədi. Bəha dinində bir qız, yaxud bir qadınla qeyri-rəsmi əlaqədə bulunan hər kəs olursa-olsun «beytülədl»ə 9 misqal altun verməlidir. Qadın azadlığı haqqında danışan Bəha Tehranda bəhayilər tərəfindən açılmış «qadın azadlığı» adlı cəmiyyəti öz təşəbbüsü ilə qapatdı. Bu məsələ Avropa və Amerika mətbuatı səhifələrinə keçdiyi zaman, Bəha öz ailəsinin açıq şəkillərini çəkdirib dərc olunmaq üçün mətbuata göndərdi. Çox gülməli burasıdır ki, haman şəkillərin Şərq məmləkətlərinə göndərilməsi qadağan edilmişdi. Zənnimcə, bu dediklərim kifayətdir. Onsuz da sizin və cənab Seyidin rahətini pozdum. Mübahisəmiz bitdi, söhbətin mövzusunu dəyişdik, gecə saat on ikidə vidalaşıb miss Hannanın evindən dışarı çıxdıq. * * * Çar konsulxanasında ziyafət İki gün bundan əvvəl çar konsulxanasında, Hacı Səmədxanın şərəfinə böyük və təntənəli bir ziyafət veriləcəyini eşitmişdim. Bu ziyafətdə bəzi mühüm xəyanətlər üçün zəminə qoyulacağı şübhəsiz idi. Ninanın burada iştirak edib-etməyəcəyi bəlli deyildi. Hər halda mən Nina ilə bu barədə danışmaq, hərgah o ziyafətdə iştirak edəcəksə, bəzi məsələləri tapşırmaq istəyirdim. Mən bu məqsədlə də faytonu qoşdurub evdən çıxmışdım. Ninanın evinə getmək vaxtı deyildi, hələ tez idi. Şəhəri dolaşmağa qərar verdim. Məcidülmülk mağazalarına tərəf gedərkən bağ-meşə qapısında həddindən artıq camaat toplandığını görüb faytonu saxlatdım. Tağıyev Qafqazlının boğulmuş meyidi küçəyə atılmışdı. Mən belə bir hadisə üz verəcəyini bir gün əvvəl bilirdim, çünki Tağıyevin «Nobər» məhəlləsində həbs edilib Hacı Səmədxanın yanına aparıldığını eşitmişdim. Səmədxanın əmisi oğlu Mahmud xan öz vəzifəsini yerinə yetirmişdi. Tağıyev həqiqi inqilabçı deyildi: çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. Ara sakit olan kimi ağ atını minərək silahlı surətdə şəhərə çıxardı. Təbrizlilər daima şəhərdə sakitlik bərpa olduğunu Tağıyevin atlı gəzməsindən bilərdi. Təbriz dükançısı bir-birinə rast gələrkən, dadaş nə var, nə yox? – deyə soruşduqda, o birisi: – Tağıyev gəzir, qorxmalı bir şey yoxdur! – deyə cavab verərdi. Bunlar öz yerində, hər halda Tağıyevin belə fəci bir surətdə öldürülüb küçəyə atılması mənə çox təsir etdi: əvvəla onu bir inqilabçı deyə məhv etmişdilər, ikincisi də meyidin küçəyə atılması, Təbriz inqilabında iştirak edənlərin ruhunu öldürmək və onları qorxutmaq demək idi. Nə isə, uzun düşünməyə dəyməzdi. Hər halda çar konsulu bu kimi intiqamlarla öz məğlubiyyətinin əvəzini ala bilməyəcəkdi. Faytonu sürüb keçmək istərkən konsulun faytonuna rast gəldim. Onu görən Təbriz camaatı, içərisində kimin oturduğuna diqqət vermədən özünü düzəldib, daima əyilməyə öyrənmiş başını bir daha əyməyə hazırlaşırdı. Cürbəcür səslər eşidilirdi: – Gədə, nə belə payız buzovu kimi bəyirirsən? Görmürsən ki, generalın faytonu gəlir? – Gədə, bu yana çönə bilməzsənmi? – Faytonçu bizə baxır! – Adamın üstünə zəhm əyləşir! Camaat bir-birini itələyib irəli soxulur, atların ayağı altına qədər irələməyə çalışırdı. Konsulun faytonundakı Nina, bir də konsulun böyük qızı Olqa idi. Onlar məni görərkən faytonu saxlatdırdı. Konsulun qızı mənim əlimi sıxaraq, son hadisələrdən zərərdidə olmadığımı Ninadan eşidib sevindiyini söylədi. Mən bu təsadüfdən razı qaldım, bəlkə də, bu təsadüf mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi. Faytondan düşüb piyada gedirdik, faytonu yavaş-yavaş dalımızca sürürdülər. Bir tərəfimdə Nina, o biri tərəfimdə Olqa qolumdan tutub yeriyirdi. Onların bu gediş ilə məni hansı tərəfə aparacağını bilmirdim. Biz xeyli yol getdikcə də heç bir söz danışmırdıq, üçümüz də ətrafdakı mənzərəni tamaşa ilə məşğul idik. Başını endirən, börkünü çıxarıb salam verən, təbəssümlərlə baxan, başına hərəkət verən, bizə qarşı təbrizliyə məxsus nəzakət göstərən və sairə həddindən artıq idi. Bir nəfər, əlində karandaş qızlara baxıb şeir yazan da var idi. Biz yavaş-yavaş gedirdik, şeir yazan da bizi izləyirdi. Nina məndən soruşdu: – O, əlində qələm dalımızca gələn rəssamdır? – Xeyr, şairdir! – O nə yazır? – Heç şübhə yoxdur ki, sizin ikinizdən birinizə bir qəzəl ithaf etmək istəyir. – Nə qədər maraqlı!.. Nə yazdığını bilsəydik... – Burada heç bir çətinlik yoxdur. Mən şeir yazanı barmaq işarəsilə yanıma çağırdım. O, ehtiyat edir, yaxınlaşmağa tərəddüd göstərirdi. Yanındakılar ona ürək verdilər və onu irəli sürüdülər, mən onun gözlərində bir qorxu və həyəcan sezdim. Azərbaycanca dedim: – Siz nə üçün bizə yanaşmaqdan qorxursunuz? Biz də sizin kimi bir adam deyilikmi? O mənim azərbaycanlı olduğumu bildikdən sonra özünü qismən ələ aldı, təşviş və həyəcanları keçməyə başladı. O, kağızını cibinə qoymaq və qələmini gizlətmək istərkən, soruşdum: – Siz rəssammısınız? – Xeyr, cənab ağa, şairəm. – Adınız nədir? – Mirzə Davər. – Təxəllüsünüz nədir? – «Bina». Təbrizdə bəndəni hamı tanıyır. – Çox pakizə, mən çox şadam ki, Təbrizdə bir şairə təsadüf etdim. Təəssüf olsun ki, yazılarınızla tanış deyiləm. – Siz fars lisanını oxuya bilirsinizmi? – Çox gözəl oxuyuram. Bəs siz özünüz azərbaycanlı olduğunuz halda nə üçün farsca yazırsınız? – Türkcə şeirlərə rəğbət edən yoxdur. Adətimiz belədir. Nə edə bilərik, hökumət dilidir. – Çox gözəl, bizim xanımlara ithaf etmiş olduğunuz bədii bir şeiriniz vardırmı? – Tamam etməmişəm, yazırdım. – Tamam etmək üçün çox vaxt lazımdır? – Xeyr, beş-altı dəqiqə! Mən Nina və Olqaya müraciətlə: – Biz bu gedişlə hara gedirik? – deyə soruşduqda onlar: – Mağazalara gedəcəyik, – dedilər. Şairi onlara təqdim edərək: – Mənim danışdığım şairdir, – dedim, – o sizin üçün şeir yazmışdır. Lakin onu tamamlamaq üçün beş-altı dəqiqə vaxt lazımdır. Qızlara bu çox xoş gəldi. Gəncin əlini sıxarkən elə bil onun dünyası dəyişdi. O, şadlığından nə edəcəyini şaşırmışdı! Qızlar bir cavahirsatan mağazaya girincəyə qədər, Mirzə Davər bizimlə bərabər gəldi. Orada vidalaşıb getmək istədikdə mən: – O şeiri mənə verə bilməzmisiniz? Xanımlar yazdığınız şeirlə çox maraqlanır; lakin bilmirəm bunların hansı birisinə yazmısınız, – dedikdə o, belə cavab verdi: – Üst dodağının sağ tərəfində kiçik qara xal olan qıza yazmışam, – dedi. Şair Mirzə Davər şeiri mənə verib getmək istədikdə mən onu dayandırdım, ovcuna 25 manat rus parası qoyaraq: – Bəlkə, yenə də görüşdük, – dedikdə qızlar yenə də onun əlini sıxdı. Biz ondan ayrıldıqdan sonra, camaat onun ətrafına toplandı, o, şadlığından nə edəcəyini bilmirdi. Çünki Təbriz şairi bütün ömründə bir şeirə 25 manat para aldığını görməmişdi. Tacirlərə və əyanlara yazılan şeirlər bir tüməndən artıqla mükafatlanmazdı. Mirzə Davər Bina şeirini Ninaya ithaf eləmişdi. Mən şeiri bəyəndim. Şeir tez yazıldığına baxmayaraq, hər halda dəyərli idi. Bebinəm əz nəfəsi an camali-zibara, Digər nəzər nə guşayəm behişti-huraya. Kəsi ki, sayeyi-sərvi-tu iftədəş bərsər Digər həvəs nəkunəd nəxli-turi tubara. Zihsərti-ləbi-nüşət, çu mey cigərxunəm, Bu pişi-xud nədəhəm rəh şərabi-minara Çu tari cəng, ziçəngi-qəmət şüdəm, lağər Əzan kəşəm çu kamança xruşu bicara. Mən tərcümə etdikdən sonra ifadə tərzi ilə, təşbehləri etibarilə təmam əski Şərq qəzəlləri səpkisində yazılan bu xam şeiri, Nina çox bəyəndi, hətta Mirzə Davəri mükafatsız buraxdığına təəssüf elədi. O: – Obrazları gözəl obrazdır, – dedi, – mən birinci kərədir ki, Şərq şeirində belə obrazlara rast gəlirəm. – Bu əski qəzəlçilik məktəbi təsiri ilə yazılmışdır, – dedim. – Hələ sən İran klassik şeirindən nə bilirsən ki? – Yeni ədəbiyyatı ilə fəxr edən Almaniya da, bu gün şeiri, Şərqin o əski ədəbi məktəbi təsiri altında yaradır. Bir neçə gün əvvəl ən təzə yazılmış bir parçanı oxuyurdum; onda da həmin bu qəzəldə oxuduğumuz eyni sözlər təkrar edilir: «Mən bir quş olaydım, sənin pəncərənin qarşısındakı çiçəklənmiş ağacın üzərinə qonub duraydım. Mən bir bülbül olaydım ki, sən mənim səsimi eşitməkdən həzz alaydın. Mən bir ovuc torpaq olaydım ki, sən onun üzərində gəzmiş olaydın». Mən: – Bu barədə uzun-uzadı danışmalıyıq, – dedim, – lakin bu cavahirsatan dükanında danışılası məsələ deyildir. Başqa bir zamana buraxaq. İndi buyurun görüm bu mağazada nə işiniz vardır? Nina konsulun qızından əvvəl cavab verdi: – Bu gecə böyük bir ziyafət vardır, haman ziyafətdə bütün konsullar iştirak edəcəkdir. Olqa orada iştirak etməyə hazırlanır, lakin layiqli sırğaları yoxdur. Mağazaya sırğa almaq üçün gəlmişdir. Sonra da Olqanın özü danışaraq: – Siz cavahir işində ustasınız, bu sizin sənətinizdir, rica edirəm, mənim üçün bir cüt sırğa intixab ediniz, – dedi. Mən: – Təəssüflər olsun ki, son hadisələr nəticəsində ticarəti hələlik dayandırmışıq, lakin yolda olan mallarımız yaxın zamanlarda gələcəkdir. Hələlik burada bir şey taparıq. Lakin mallarımız gəldikdən sonra, əvəz etmək də mümkündür. Nina üçün də İtaliyada xüsusi sırğa sifariş verilmişdir. Orada sizə layiq dəyərli şeylər də vardır. Olqa eşitdiyi sözlərə inanmırdı, o mənim özünə bu qədər hörmət bəslədiyimi bilmirdi, buna görə də əlimi təkrar olaraq sıxır və mənə təşəkkür edirdi. Mən mağazaçıya yanaşaraq: – Xanım üçün nəfis sırğa lazımdır. Hərgah İtaliyada tökülmüş olursa, daha məqbuldur, – dedikdə o: – Varımızdır! – deyə bir cüt qayət nəfis sırğa gətirdi. – Bir cüt daha gətir, – dedim. Nina tələsərək: – Yox lazım deyil! Sən bilirsən ki, mənim qiymətli sırğalarım vardır – dedi. – Yox, axşamkı ziyafətdə xanımla bir sırğa taxmağınızı məsləhət görürəm, – dedikdə Olqa əlini əlinə sürtərək dedi: – Bax nə qədər sevimli və nəzakətli bir zat! Nina sən özünü xoşbəxt hesab etmirsənmi? Nina «xoşbəxtəm» cavabını verdi. Olqa qiymət soruşdu, mağazaçı: – Qəti qiymət, hər iki sırğa üçün 3 min manat rus parası, – deyə bildirdi. Olqa heyrətli bir gülüşlə: – Aman, aman nə qədər «uzuc» imiş. Atam mənə yalnız üç yüz rüblə vermişdir, – deyərək geri dönərkən, mən: – Dayanınız, xanım qız, – deyə onu qaytardım, mağazaçıya sırğaları bağlaması işarəsini verdim və qızlara dönərək: – Bunlar mənim sizinlə olan səmimi tanışlığımın xatirəsi olaraq qalmalıdır. Mənim xatirəm qəlbinizdə qaldığı kimi qulaqlarınızda da qalsın, – dedim. Mağazaçıya altı dənə rus beşyüzlüyü verib, sırğaları götürdüm. İstər Ninanın, istərsə də Olqanın bu qədər məmnun olacağı xəyalıma gəlməzdi, xüsusən Olqa faytona minənə qədər təşəkkür edirdi. Faytona oturdu; onları konsulxanaya qədər müşayiət elədim. Olqa mənim özlərilə bərabər konsulxanaya getməmi təkrar-təkrar rica etsə belə, mən boyun qaçırdım, çünki gündüz ora getməyin heç də lüzumu yox idi. Olqa içəri girdikdə: – Axşam sizi ziyafətə gətirmək üçün fayton göndərəcəyəm, – dedi. Mən Ninanın evində oturub düşünür və özüm-özümə sual verirdim: «Əcəba, konsul məni ziyafətə dəvət eliyəcəkdirmi? Doğrudan da, onun qızının dediyi kimi mənim dalımca fayton göndəriləcəkmi?» Buna heç də inanmırdım. Konsulun Ninaya böyük hörmət bəslədiyini bilirəm, lakin çar general-konsulunun Azərbaycan valisinə verdiyi ziyafətdə sadə bir tacir kimi tanınmış zatın iştirak etməsi çox çətin idi. Sonra qulağımda at ayaqlarının səsi canlandı, deyəsən, qapıda bir fayton durdu, bir neçə saniyədən sonra qapı vuruldu, konsulun nökəri içəri girdi. O, konsulun yazdığı məktubu mənə verdi: «Möhtərəm Əbülhəsənbəy! Cənab Şücaüddövlənin şərəfinə verilən ziyafətdə iştirak etmənizi rica edirəm». Bu məktub mənim əvvəlki fikirlərimi dağıtdı, çar konsulu qızına verilən böyük hədiyyəni qiymətləndirmişdi. Bu ziyafətlə nə qədər maraqlanırdımsa, orada inqilab rəhbərlərinin qatilləri ilə üz-üzə oturmağın da o qədər çətin olduğunu hiss edirdim. Mən Nina və konsulun qızı Olqaya balkonda təsadüf etdim və ziyafət salonuna da onlarla bərabər daxil oldum. Salondakı qonaqlar da sanki mənim intizarımı çəkirlərdi. Hələ qonaqlardan əvvəl məni konsul, onun arvadı Anna Semyenovna və kiçik qızları Nadejda qarşıladı. Konsul məni qonaqlara təqdim etdikdə: – Əbülhəsənbəydir. Yeznəmizdir, – deyirdi. Mən bir çoxlarının qanlı əllərilə bərabər, inqilabçılara edam hökmünü yazan hərbi səhra məhkəməsi sədrinin də əlini sıxdım. Qonaqların hamısı gəlməmişdi. Yenə də İran ənənəsinə riayətlə məclisə ən sonra gəlməyi və məclisdə olanların ayağa qalxıb ona təzim etməsini özü üçün fəxr sayanlar var imiş. Salondakılar bir-bir, iki-iki bufetin qarşısında durub əllərində çəngəl, məzə nimçələrini qurdalayır və konyak içirdilər. Mən Nina və konsulun qızları ilə birlikdə gəzişirdik. Söhbətlər yenə də onlara hədiyyə etdiyim sırğalardan başlamışdı. Konsulun arvadı qızları səslədi: – Qonağa imkan verin bufetin yanına buyursun, – dedikdə Nina: – İçən deyil, istəyirsə getsin, mane olmuruq, – deyə cavab verdi. Biz onlarla birlikdə, qonaqlar toplaşıncaya qədər pianonun yanına gəldik. Konsulun qızları növbətlə çaldı. Konsul da gəlib əyləşdi, söhbət musiqi üzərinə gəldikdə o, İran musiqisini mədh edərək dedi: – Zatən mən İran musiqisini və o kimi böyük bir musiqi mədəniyyətinə malik xalqı da sevirəm. Lakin xalq, imperator hökumətinin onlara nə kimi səadət verəcəyindən xəbərdar deyildir. Onlar çox avamdır, buna görə də hər yerindən qalxan onları aldada bilir, xalqın həqiqi yolunu dəyişdirir və onları fəlakətə salır. Siz bir yaxşı düşününüz, Səttar xan üsyanından bu günə qədər bədbəxt Təbriz xalqına nə qədər müsibət üz göstərmişdir? Hərgah xalq bizim tövsiyəmizi eşitmiş olsaydı. Məhəmmədəli şah da gəlib taxtında oturar, məmləkət də səadətlə yaşardı. Mən: – Cənab general düz buyurur. Xalqımız tez aldanır, – dedikdə, konsul: – Əlbəttə, aldanır, – deyə təsdiq etdi. – Onların Rusiya sosial-demokratları gedən yol ilə getməsi tamamilə yanlışdır. Rusiya işçisi özü üçün nə gün ağlamışdır ki, iranlılara da haman səadəti verə bilsin. Biz onlarla lazım olduğu kimi hesablaşdıq. Onların nüfuzunu biz İranda yox, Rusiyada da qırdıq. Artıq Təbrizdə bir nəfər də olsa Rusiya işçiləri nümayəndəsi qalmamışdır. Onların göstərişlərilə üsyan edənlər isə namuslu iranlıların və onların nümayəndəsi Hacı Səmədxanın qeyrəti sayəsində məhv olmuş və olacaqdır. Mən, yenə də: – Dinc oturmurlar. İnsanın əsəbləri pozulur. Xalq öz rəhbərini tanımır! – dedim. – Mən birkərəlik İrandan yığışıb Rusiyaya getmək qərarına gəlmişəm. Hacı Şücaüddövlə Səmədxan kimi namuslu bir adamın əleyhinə intibahnamə buraxmaq nə deməkdir? Bu cür adamlar öz məmləkəti üçün nə kimi səadət qazana bilər?! Konsul papirosunu odlayıb: – İntibahnamə məsələsini də başqa cür düşünmək yaramaz. Orada iranlı əli olmaqdan çox əcnəbi dövlət nümayəndələrinin də əli ola bilər. Bu barədə danışmaq olmaz. İranın istiqbalı məsələsinə gəldikdə onu ancaq Məhəmmədəlinin yenidən İrana qayıda bilməsi həll eləyəcəkdir. – Əcaba onun gətirilməsi mümkün deyildirmi? – Mümkündür, lakin çalışmaq lazımdır. Xüsusən Təbriz xalqını anlatmaq və möhkəm zəminələr düzəltmək lazımdır. Ona da sizin kimi ziyalı iranlılar və nüfuzlu ruhanilər kömək verməlidir. Məmləkət məhv olur, hərc-mərclik gündən-günə artır, ölkədə sülh və əmniyyət bərpa etmək üçün gələn qonşu dövlətin əsgərinə də hücum edir və öz dostlarını silahla qarşılayır. – Bu vəzifəni yerinə yetirmək üçün bütün varlığımla çalışmağa hazıram. Siz bilirsiniz ki. mənim tərbiyəm rus tərbiyəsidir. Bu tərbiyə isə rus mədəniyyətini tələb edir. Hərgah cənab Şücaüddövlə bizim mədəniyyətin İranda möhkəm bir mövqe tutmasına tərəfdardırsa, mən ona kömək verməyə və xalqı da buna hazırlamağa söz verirəm. Yanımıza başqaları da yanaşdı, söhbətimiz burada bitdi. Qısa bir söhbətlə çar konsulu öz məqsədini bildirdi, onun intibahnamə məsələsində nə kimi fikirlər daşıdığı və Məhəmmədəlini İrana gətirmək fikrindən vaz keçmədiyi meydana çıxdı. Konsul bu söhbətlərdən sonra qızına verilən hədiyyə məsələsinə keçərək dedi: – Çox təəssüf edirəm ki, siz bu müddətdə bizə bir xidmət həvalə etməmisiniz. Bunu qəlbən arzu edərdim; bu barədə kiçik xanıma dəfələrlə demişəm, hazırda bizdən para qazanmaq üçün İran tacirləri bütün vaxtını qapımızın qabağında keçirir, rüşvət verməklə də, vasitəçi tapmaqla da işə malik olmaq istəyir. Siz istəsəydiniz, bütün işlərimizi sizin vasitənizlə düzəldərdik. Mən yenə də ondan razılıq edərək dedim: – Çox təşəkkür edirəm. Ticarət elə bir şeydir ki, iki dostun səmimi əlaqəsini poza bilər. Dost və səmimi adamlarla, yalnız dostluğu və səmimiyyəti davam etdirmək lazımdır. Bir də budur ki, mənim ticarətim cavahir ticarətidir. Bu günlərdə malımız da gələcəkdir. Hərgah general izacə verirsə, mən onun ticarət işləri üçün səmimi və sadiq adamlar tapa bilərəm. – Təşəkkür edərdim. Bizə elə adamlar da lazımdır, biz hər kəsə inana bilmirik. – Elə isə mən inandığım adamı öz məktubumla sizin xidmətinizə göndərərəm, mənim özüm üçün sizin dostluğunuz və üzərimdəki himayəniz hər şeydən qiymətlidir. İmperatorun ölkəmizə uzatdığı yardım əlinin kölgəsində olmaqdan daha qiymətli şey yoxdur. – Sizin Təbrizdə qohumlarınız çoxdurmu? – Bəli vardır. Məni də Təbrizdə saxlayan onlardır. Çünki onların bir çoxu fəqirdir. Onlara maddi cəhətdən yardım etmək lazımdır. Yoxsa mən Rusiyanı buraxıb burada qalardımmı? – Elədir. Siz onları hər halda təmin etməlisiniz, xüsusən hazırkı zamanda onlar heç bir təqsirləri olmadan da zərərdidə ola bilərlər. Siz, əlbəttə, konsulxananın himayə vəsiqələrindən onlara paylamalısınız. Konsul bunu deməklə Ninanı çağırdı və təkrar tapşırdı: – Sabah tezdən, yüz dənə himayə vəsiqəsi hazırlarsınız, cənab Əbülhəsənbəyin qohumları çox imiş, siz bunu gərək vaxt ikən düşünəydiniz, çünki cənab Səmədxanın adamları səhvən də olsa, cənab Əbülhəsənbəyin qohumlarını incidə bilər. Son günlər bu cür hadisələr çox tez-tez baş verir. Nina: – Baş üstə, cənab general! – deyərək yenə də pianinoya tərəf getdi. Konsulun arvadı Anna Semyonovna bizim yanımıza gələn kimi söhbətlərin mövzusu bir daha dəyişdi. O: – Mən və cənab general neçə müddətdir ki, mühüm bir məsələ barəsində sizinlə danışmaq istərdik, – dedi, – bunu danışmaq üçün bu gündən də əlverişli bir gün yoxdur. Allaha şükür fəsadçılar məhv oldu, Təbrizdə yaşayış adi şəklinə girdi, indi siz də, başqaları da gələcəkdə dinc və salamat həyat keçirəcəyinizə əmin ola bilərsiniz. Buna görə də biz məsləhət görürük ki, kiçik xanımla olan əlaqənizi qanunilişdirib, ona bir ailə şəkli verəsiniz. Mən qısaca: – Mən və Nina, mənsub olduğumuz möhtərəm və kübar ailənin icazəsini gözləyirik, – cavabını verdim. Bu sözüm üzərinə konsul öz arvadına dönərək: – Nə qədər səmimi, nə qədər tərbiyəli bir gəncdir! – dedi. Dəvət edilmiş qonaqlardan bir çoxu gəlmişdi, süfrə başına keçmək üçün Azərbaycan valisi Hacı Səmədxanın intizarını çəkirdik. Valinin gəlmək xəbəri verildikdə, konsulun düzəltdiyi kiçik simfonik ansambl İran marşını çalmağa hazırlaşdı. Hacı Səmədxan, onun müavini sərdar Rəşid, Etimadüddövlə, Hacı Səmədxanın əmisi oğlu şəhər komendantı Mahmud xan, sərdar Rəşidin arvadı İraida və bacısı Mahru xanım, simfonik ansamblın tərənnümləri altında ziyafət salonuna daxil oldu. General konsuldan başqa, salondakıların hamısı, Şərq qaydasınca, əllərini döşlərinə qoyub Hacı Səmədxana təzim elədi, mən də onları təqlid etdim. Konsul birinci olaraq məni Hacı Səmədxana təqdim etdikdə o mənim üzümdən öpdü. – Sizi fəramuş buyurmamışıq, cənab generalın Nemətabadda verdiyi ziyafətdə xidmətimizə müşərrəf olmuşdunuz – dedi. Konsul onun mənimlə bir ağanın öz nökərilə danışdığı kimi danışdığını hiss etmiş olmalı ki, bir daha məni ona təqdim edərək söylədi: – Əbülhəsənbəy bizim ailənin möhtərəm bir üzvü sayılır. Onun cənab valiyə qarşı bəslədiyi səmimi ehtiram haqqında ailəmiz içərisində qəti bir etimad mövcuddur. Sizin Əbülhəsənbəyə nisbət iltifatınız da bizim ailəmizə bəslədiyiniz dostluğun içərisinə daxildir. Səmədxan konsulun bu sözündən sonra özünü yığışdırdı və səsinin ahəngini dəyişərək dedi: – Cənab ağanı birinci görüşdə bəyəndim. Nəcib bir zat olduğunu bildim. Doğrudan da, ağanın vücudunu Təbriz üçün böyük bir qənimət hesab edirəm. Hacı Səmədxan bu sözdən sonra, sərdar Rəşidə müraciətlə: – Ağanın özünün və əqvamının salamətliyi təmin olunmalıdır. Nə qədər salamətlik vəsiqəsi lazımsa ağadan müzayiqə etməməlisiniz, – dedi. Sərdar Rəşid valiyə təzim edərək: – Əmr, əmri-mübarəkdir, – dedi. Mən özümü qismən təmin olunmuş hesab edirdim. Özümüzün saxta vəsiqələr qayırdığımıza baxmayaraq, konsuldan və Hacı Səmədxandan alacağımız vəsiqələrlə də Təbrizdə gizlənmiş neçə yüzlərcə mücahidin Təbrizdən salamat çıxıb getməsinə səbəb olacaq idik. Hələ süfrəyə oturmamışdıq. Qonaqlar iki-iki, üç-üç qruplara ayrılaraq gəzirdi. Mən sərdar Rəşid, Hacı Səmədxan bir tərəfdə, konsulun qızları, Nina, İraida bir tərəfdə kiçik dəstə düzəldib dolaşırdıq. Əvvəlcə Etimadüddövlə, sonra Mahmud xan konsulun arvadı ilə bərabər gəlib konsulun qızları düzəldən qrupa qoşuldu, mən uzaqdan baxırdım. Mahmud xan Ninanın qolundan tutub gəzmək istərkən Nina qolunu onun qolundan çəkib başqa tərəfə keçdi. Onlar bir neçə dəqiqə dolaşdı, yenə də Mahmud xan ona yanaşdı. Nina isə əvvəlki kimi ondan dartınıb kənara çəkildi və dəstədən tamamilə ayrılaraq mənim yanıma gəldi. Süfrəyə əyləşdik. Mahmud xan hər bir piyaləsini qaldırırkən, Ninaya baxır və gözlərilə «Sənin şərəfinə içirəm» işarəsini verirdi. Çox sağlığa içildi. Süfrə başında bir çox məsələlər həll olundu. Səmədxanla konsul arasında gedən alış-verişdən birisi də Etimadüddövlə məsələsi idi. Etimadüddövlənin şərəfinə içilərkən, Səmədxan söz alaraq danışdı: – Etimadüddövlə vaqeən xeyli inanılmalı bir zatdır. O, doğrudan da, Urmi hakimliyinə layiqdir, – dedikdə, konsul: – Bizim tərəfimizdən heç bir manea yoxdur, – dedi. Ondan sonra da, süfrə başında oturanlar Etimadüddövləni təbrik etdi. Mahmud xanın şərəfinə içilməyə başlandı: hamı piyaləsini qaldıraraq içmək istədi, nə Nina, nə də konsulun qızları onun şərəfinə piyalə qaldırmadı, bununla da Mahmud xan özünün təhqir olunduğunu hiss etdi. Şam yeməyi bitdi; çay içmək, qəlyan çəkmək üçün qonaqlar başqa otağa keçdi. Mən, bəlkə də, gizlin söhbətlər olacaqdır deyə, gerilədim. Konsul bunu hiss edərək: – Buyurun! – deyə, məni də özü ilə bərabər apardı. Otaqda konsul, mən, Etimadüddövlə, sərdar Rəşid və Səmədxandan başqa kimsə yox idi. Çay və qəlyan gətirdilər. Səmədxanın sözlərini konsul üçün mən tərcümə edirdim. Həbs və edam ediləcək şəxslərin məsələsinə keçdikdə Səmədxan: – Siz cənab konsula tərcümə edin! – dedi. – Mən Səttar xanın qardaşı Hacı Əzimin və onun iki oğlunun asılmasını məsləhət görmürəm. Onların evlərini dağıtdıq və bütün var-yoxunu aldıq. Özlərinin azad edilməsini məsləhət görürəm. Konsul bu sözlərdən razı qalmadı və: – Buna bir səbəb göstərmək lazımdır! – dedi. Səmədxanın boğazı qurudu, güclə cavab verdi: – Onların Təbrizdə böyük nüfuzu vardır, hələ Səttar xan da Tehrandadır. Xüsusən Hacı Əzim də bəlvalərdə iştirak eləməmişdir. Konsul yenə də sözə başladı: – İmperator hökumətinin bütün təşəbbüsləri yeni valinin mövqeyini möhkəmlətmək üçündür. Bu kimi ünsürlər təmizlənməzsə, Təbrizdə yenə də bəzi ixtilaf zühur edə bilər. Buna baxmayaraq, hərgah cənab vali məsləhət görürsə, bizim etirazımız yoxdur. Səmədxan sözünü davam etdirərək: – O ki, maralanlı Hüseynxanın edam edilməsidir, burada mənim də etirazım yoxdur, – dedi, – lakin mən cənab generaldan rica edərdim ki, onu aparıb Xoy şəhərində edam eləsinlər. Onun burada edam olunması Maralan xalqının iğtişaşına səbəb ola bilər, çünki maralanlılar çox haramzada adamlardır. Konsul: – Bu yaramaz, – dedi, – çünki biz İranın daxili işlərinə qarışmaq istəmirik. Bu məsələlər sizin öz işinizdir. Hərgah onu Xoyda edam etsələr, yenə İran məhəlli hakimləri tərəfindən edam edilməlidir. Səmədxan konsulun bu təklifini qəbul etdi, sonra Məşədi Rzanın azad olunmasını rica edərək: – Onu çox döydürmüşəm. Bu da onun üçün kifayətdir, qoy deməsinlər ki, Səmədxan günahsızları da edam etdirir – dedi. Çar konsulu burada da güzəştə getdi və Hacı Səmədxanın qarşısına imza olunmaq üçün bir siyahı qoydu. Bu edam olunacaq şəxslərin siyahısı idi: Kəblə Haşım dəllal Məşədi Abbasəli qəndfüruş Hacı Əli dəvafüruş Mirzə Əhməd Süheyli Mirzə Ağabala Xiyabanlı Mir Kərim Natiq Məhəmməd Əmi oğlu və sairə... Səmədxan bunların edamına razı oldu. Əli titrəyə-titrəyə eynəyini silib gözünə taxdı; nəhayət, gecə saat birin yarısında edam hökmünü imza etdi. Mən bu vərəqəni görürkən, təsəvvürümdə canlanıb ucalan dar ağaclarında iki ildən bəri bərabər çalışdığımız yoldaşları seyr edirdim. Siyasi söhbətlər və ziyafətin əsas məqsədini təşkil edən bütün məsələlər həll edildiyi vaxt, konsulun kiçik salondakı musiqi dəstəsi çalırdı. Hamımız qalxıb salona keçdik. Mahmud xan qızlar əyləşdiyi yumşaq divanın ətrafında fırlanırdısa da, özü üçün oturmağa yer tapa bilmirdi. Qızlar məni gördükdə, ən əvvəl Mahru xanım: – Əbülhəsənbəy, bura buyurunuz. Məclisimiz çox kəsalətli və kədərlidir, – dedi. Mən onların yanında oturdum. Qarşımızdakı girdə stolun üzərində çay və şirniyyat düzülmüşdü. Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. Stolun dövrəsində Nina, bacısı İraida, sərdar Rəşidin bacısı Mahru, konsulun qızları Olqa və Nadejda otururdu. Söhbət üçün maraqlı bir mövzu axtarılmaqda idi. Onlardan biri musiqidən alınan nəşəni bütün nəşələrdən üstün tuturdu, o birisi dəniz səyahətindən, başqası çöllərdə dolaşmaqdan, bir başqası axşamın səfasından, digəri səhərin nəşəsindən danışırdı. Mən onlardan icazə istəyərək: – Söhbətinizdə mən də iştirak edə bilərəmmi? – deyə soruşduqda, hamısı birdən: – Bunların hamısı sizi ortalığa çəkmək üçün deyilmi? – dedilər. Mən onlara belə bir sual verdim: – Dünyada hər şeyin səfası birdirmi? Nəşələr arasında fərq yoxdurmu? Hamıdan qabaq İraida cavab verdi: – Hər şeydən, hər görkəmdən, hər mənzərədən və həyatın başqa-başqa şeylərindən alınan nəşələrin arasında heç bir fərq yoxdur. İnsana bədii zövq və mənəvi nəşə verən şeylərin arasında nə kimi fərq ola bilər? Çünki nəşə və bədii zövq deyilən şey, canlı bir şey deyildir ki, onları aralığa töküb müqayisə etmək mümkün olsun. İraidanın həm özü, həm də ona qulaq asanların fikrincə, bu doğru bir fikir idi. Təəccüb burasındadır ki, İraidanın bədii sahədəki istedadına və onun hazırcavab bir qadın olduğuna Ninanın özü də inanırdı. Mən çox mülayim bir etirazla dedim: – Zövqlər bir deyildir, biri digərindən fərqli olan mənzərələrdən alınan səfaların hamısı biri digərindən fərqlidir. Əvvəlcə bunu bilməlisiniz ki, dünyanın hər yeri və hər şeyi fərqlidir. İnsanlar belə şəkil, qiyafə və əlaməti-məxsusə, fikir, hiss cəhətcə biri o birisinə bənzəmir. Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib-içməsi və şəkilləri də fərqlidir. Yuxarıdan bəri göstərilən insan və heyvanların şəkli, təbii quruluşu və hər şeyi fərqli olduğu kimi onların duyğuları da bir-birinin eyni deyildir. Nəşə və səfaları insana hiss etdirən duyğudur. Ola bilər ki, bir insanın zövq aldığı şey, o biri insana zövqi-bədii verə bilməsin. İraida soruşdu: – Məsələn?.. – Burada nə düşünüləcək bir şey, nə də anlaşılmayan dərin bir fəlsəfə var. Hər kəs öz başına, yaşına görə zövq ala bilir. Səfa nədir? Hərtərəfli bəyənilən şeydən alınan zövq və nəşə deyilmidir? Hamısı birdən cavab verdi. – Belədir ki, var. – Elə isə burada hər kəs öz nəşə və zövq aldığı şeylərdən bəzisini söyləsin, baxaq, söylənənlərin arasında bir oxşayış tapa bilirsinizmi? Məsələn, ilk bahar – şairlərin böyük bir həsrətlə gözlədiyi lətif mövsümü bir düşünəlim: bu zaman aləm tamamilə yeni libasa girmiş olur. Səhralar zümrüd şəklini alır, günəşin yüksəkdən görünən işıqları sakit, saf, bərraq bir dənizin dalğalarında çimərək bəşəriyyətin gözünü işıqladır. O işıqlar yeni göyərməkdə olan cavan yarpaqların üzündən öpür, çəmənlərin üstünə düşən şəbnəmləri brilyant kimi parladır, uyumuş kələbəkləri uyğudan qaldırır, insanlar isə bunların hamısından zövq alır. Lakin bunlardan alınan zövq və səfalar bir deyildir. Məsələn, gecəyarısı, əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir... Ətrafı işıqlandırmaqda olan ay işığı da ara-sıra buludların arxasına keçərək yer üzünü kölgələndirir. Bu sırada bir-birini sevən bir gənc oğlanla gənc bir qız bağçaya baxan pəncərəni açaraq bu gözəlliyi, bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın olan şeylərdən danışırlar. Bunun da səfası başqadır. Sabaha yaxın issiz və səssiz aləm oyanmağa başlayır. Yavaş-yavaş Dan ulduzu da pərdə dalından sevimli bir gəncə baxan qızın göz bəbəyi kimi parlayır. Üfüqlərdə duran kiçicik boz buludların çöhrəsi utanmış pənbə üzlü bir qızın yanaqları kimi qızarır, bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir, xoruz da səhərin son siqnalını verir. Axşamdan bəri eşidilməkdə olan şəlalənin səsi də oyanmış quşların və vəzifə başına qoşan insanların səsləri arasında itib gedir. Səhərə məxsus ruzigar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını ataraq, günəşin ziyalarına yol açdığı zaman, təpələrin döşündə otlayan quzu sürülər də görünməyə başlayır. Çobanın çaldığı neyin səsi də qoyun mələşmələrinə qarışaraq bir musiqi ansamblını xatırladır. Quzu sürüsünün yanı ilə gedən gözətçi köpək də dərənin dibindən keçən dəvə karvanının zəng səslərini dinləyə-dinləyə qoşqulanır. Bunlardan alınan zövq və nəşələr də başqadır. Sözümü burada bitirmək istəyirdim, lakin Mahru yenə də məğrur qaşlarını dartaraq: – Bir az da söyləyin. Bizim xəbərimiz olmayan zövq və nəşələrdən danışınız, – dedikdə mən danışmağa məcbur oldum və dedim: – Öz yatağında şirin-şirin yatan uşağın üzü parıldayır, ara-sıra dodaqları gülümsər kimi görünür, pəncərədən içəri girən ruzigar da onun balışı üzərinə tökülən saçlarını dalğalandırır və onun gözəlliyini artırır. Belə sevimli bir uşağa baxmaqla ürək doymaz və sevməklə insan yorulmaz. Bu mənzərə insana könül oynadıcı bir nəşə verər. Bundan alınan bədii zövqlər də başqalarına bənzəməz. Nina burada: – Ah, bu mənzərə, doğrudan da, bədii bir mənzərədir! – deyərək köks otürdü. Onun öz Məcidini xatırlamış olduğu aşkardı. Mən: – Həyatda daha başqa zövq alınacaq anlar da vardır, – dedim. – Vurulmuş bir gənc özünün çoxdan bəri sevdiyi və arzuladığı bir qızı gördüyü və qızdan: «Mən də səni axtarırdım» sözünü eşitdiyi zaman duyduğu səfa, heç də başqa səfalara bənzəməz... Gözəl bir musiqi alətində çox bəyəndiyin bir havanı sevdiyin qızın çalmasından və xoş bir şərqini onun dodaqlarından eşitməkdən duyulan zövq və nəşə də bir ayrı aləmdir. İraida xanım düşündüyü kimi, hər şeydən alınan zövq və duyulan nəşələr – nəşədir. Amma onların biri digərinə oxşamaz. Məsələn, sizin heç xəyalınıza gəlməyən başqa səfalar da mövcuddur. Məhzun bir qəlb, səhər günəşinin aləmə bəxş etdiyi lətafətdən ziyadə, qürubun üfüqlər üzərində təsvir etdiyi məhzun lövhələrdən ləzzət alır. Nazik bir qəlb, cazibədar bir qızın gül rəngini və hələ uşaqlıq ifadələrini itirməmiş çöhrəsinə baxmaqdan ziyadə, dərdli, ələmli bir çöhrəyə tamaşa etməkdən nəşələnir. Bu da, hüzn içərisində şadlıq və qəmlər içində nəşə hiss etmək deməkdir. Bu da başqa cür bir səfadır. Hələ dünyanın şadlığından ümidini kəsən bəzi xəstə və zəif ürəklər də vardır ki, onlar daima ağlamaqdan nəşələnir, əyləncələrdən deyil, yas evlərində zövq aramağa çalışır. Əlbəttə, elələrinin zövq və nəşəsi sağlam və qüvvətli ürəyə malik insanların zövqünə bənzəməz. İndi növbət sizindir, hər kəs nədən çox zövq alırsa, onu burada söyləməlidir. Onların heç birisindən səs çıxmadı, onlar yalnız utana-utana bir-birinin üzünə baxmaqda idi. Bu sükut Səmədxanın konsulu və bizi vida edərək getmək istədiyinə qədər davam etdi. Biz yenə də evə dönmək üçün general konsulun faytonuna əyləşdik, yenə də dörd atlı kazak bizi müşayiət edirdi. Biz evə döndükdə Tütünçüoğlu və Həsənağanın bizi gözlədiyini gördük. Onlar mənim kazaklarla konsulxanaya getdiyimi eşidərkən rahətsiz olduqlarını söyləyib, ikisi də salamat evə qayıtdığımdan sevindi. Onlar şam da yeməmişlərdi. Nina qollarını çırmaladı, onlar üçün yemək hazırladı, özü də süfrəyə oturarkən: – Kaş mən ölünçəyə qədər bu ailəmdən ayrılmayaydım, – dedi. Mən Ninadan soruşdum: – Bir çox şeylər öyrəndim, sən nə kimi yeniliklər bildin? Nina cavab verdi: – Hacı Səmədxan konsulun tövsiyəsi üzərinə Mirzə Rza pişnamaza beş top ağ göndərmişdir. O, Məhəmmədəlini taxt-tacına qaytarmaq üçün camaatdan tərəfdar toplamağa və haman ağlara imza qoydurmağa başlayacaqdır. Həsənağa: – Qoymarıq! – dedi. – O da elə bir iş deyildir ki, Həsənağa öhdəsindən gələ bilməyə. Mirzə Rza pişnamazı öldürə də bilərik! Tütünçüoğlu: – O mənim işimdir, – dedi. Mən, buna razı deyildim, çünki Mirzə Rza pişnamazı bir hərbə kağızı ilə də bu yoldan qaytara bilərdik. Mən, Həsənağa və Tütünçüoğlunu buraxmadım. Nina və Təhminə xanıma: – Gecəniz xeyrə qalsın, – dedikdən sonra üçümüz də o biri otağa keçdik. Soyunub yatmaq istədikdə Həsənağa ilə Tütünçüoğlu hərəsi iki kiçik Bolqarıstan bombası çıxarıb başının altına qoydu. Mən: – Bunlar nə üçündür? – deyə soruşdum. Onlar: – Hərgah konsulxanadan salamat qayıtmasaydın, Səmədxan və konsulu məhv edib, özümüz də məhv olacaqdıq, – dedilər. Biz lapmanı keçirib yatağımıza uzanarkən dan ulduzu çar topları ilə yıxılmış olan cəbbəxananın dalısından baxır, sanki o da bizə: – Gecəniz xeyrə qalsın! – demək istəyirdi. * * * Hacı Səməd xana verilən saat Məşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi. Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim. Bu gün tezdən şəhərə çıxmışdım. Adətim üzrə şəhəri dolaşaraq səhər çayı üçün qayıtdığım zaman, Məşədi Kazım ağanı evdə gördüm. Mən indiyə qədər Məşədi Kazım ağanı bu qədər kədərli, bu qədər də qəmgin görməmişdim. Göz qapaqları bir-birindən güclə aralanırdı. Kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüşdü, sanki həyat ona bir kərə «məndən ümidini kəs!» söyləmişdi. O, ətrafına baxmırdı; gözünü bir nöqtəyə, oturduğu xalçanın nəqşinə zilləmişdi. Onun sabiq nökəri Hüseynəli əmi ayaq üstündə, bir heykəl kimi quruyub durmuş, əlindəki dəmir milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. Səriyyə xala evin bucağına qısılıb tez-tez kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. Otaqda onun dodaqlarının marçıltısından başqa bir səs yoxdu. Məşədi Kazım ağa məni görən kimi ayağa qalxaraq könülsüzlüklə salam verdi, yenə də xəstə adamlar kimi yerinə çökərək əvvəlki vəziyyətini aldı. Ələkbər yoldaş da yataq otağından çıxaraq çay salonuna keçdi. Məşədi Kazım ağa yenə də qalxıb salam verdi, sonra da əllərini dizlərinə qoyub sarban tərəfindən xıxlanmış dəvə kimi dizləri üstündə yerə çökdü. Mən ona belə bir sual verdim: – Təzə nə xəbər vardır? – Allaha şükür, hər şey təzədir. – Orası doğrudur. Bizə nisbət bir təzəlik vardırmı? – Olar da, olmaz da, bə nə olar? – Mən bunu anlamadım. Bir az açıq danışsaydınız yaxşı olardı. – Hacı Səmədxanın zülmü həddindən aşmışdır. Mən dərhal ona böyük bir zərər dəydiyini dərk etdim. Onun: «olar da, olmaz da, bə nə olar?» kimi müəmmadan ibarət olan cümləsinə qarşı mən də o şəkildə bir cavab verdim: – Hacı Səmədxanın zülmü başdan aşar da, aşmaz da, bə nə olar? O bu sözümdən sonra güclə göz qapaqlarını qaldırıb gözlərimin içinə baxdı və dedi: – Mən bunu heç də anlamadım. – İndi ki, anlamadınız sözünüzü açıq deyin görüm nə olmuşdur. – Hacı Səmədxanın əmrinə görə inqilaba hüsni-rəğbət göstərən bütün tacirlərin, hətta mənim də anbarımı və hücrəmi möhürləmişlər, məni də onlara qoşub evimi yıxmışlar. – Siz Hacı Səmədxanın yanında demək üçün əzbər etdiyiniz sözləri mənim yanımda deməməlisiniz. Necə yəni «məni də onlara qarışdırıblar», əcəba, siz məşrutə tərəfdarı deyildinizmi? Siz məşrutəyə kömək vermədinizmi? O, yenə də müəmmalı və anlaşılmaz sözlər danışmağa başladı. Sanki mən Hacı Səmədxanam, o da mənim qarşımda durub danışır və inqilabçı olduğunu gizlətməyə çalışır. O mənim: «Siz məşrutəyə kömək vermirdinizmi?» – sualıma cavab olaraq: – Verirdik də, vermirdik də, bə neynirdik? – deyə cavab verdi. O bu sözləri deyərkən, mən təəccübə dalmışdım. O isə kömək istəyən gözlərini mənə açıb durmuşdu. Mən sükut içində evi dolaşdıqda onun gözləri də məni izləməkdə idi. Bir qədərdən sonra ona müraciətlə dedim: – Demək ki, belə?.. – Əlbəttə ki, belə, mallarımı daşıyıb aparacaqlar. Gözünü məndən çevirərək yenə xalçanın naxışına dirədi, sakit oldu, öz sükutu ilə də sanki mənə bu sözləri demək istəyirdi: «Məşrutə mənim evimi yıxdı, olmazın zərərlərini çəkəcəyəm». Lakin o indiki halda məşrutədən əvvəd az sərmayəli bir tacir olduğunu və məşrutənin ona milyonlar qazandırdığını, mənim səbəbimə ingilis bankında milyon para yatırdığını, İranın müxtəlif şəhərlərində mülk aldığını heç də yadına salmaq istəmirdi. Biz ona verdiyimiz mənfəətin beş faizini belə inqilab mənfəətinə verməmişdi. Mən Səttar xan vaxtında düşündüklərimi yenə də xatırladım və Məşədi Kazım kimi tacirlərin gec-tez inqilabçıları düşmən qarşısında buraxıb çəkiləcəklərini bir daha qəlbimdə təkrar etdim. Artıq düşünməyə lüzum yox idi, irəli gəlib əlimi onun çiyninə qoydum: – Düşünməyə lüzum yoxdur, – dedim, – siz məşrutədən bir şahı da zərər çəkməyəcəksiniz. Siz bu dağılmış, tar-mar edilmiş, beş-altı nəfərlə gizlin iş üsuluna keçmiş Təbriz inqilabından yenə də milyonlarca mənfəətlər götürəcəksiniz. Bu barədə əmin ola bilərsiniz. Ələkbər yoldaşın haldan çıxmağa başladığını hiss etdiyimdən artıq söz danışmaq istəmədim. Əlbisəmi dəyişmək üçün içəri otağa keçdim, var-yoxum olan ağacdan hörülmüş çamadanımı açdım, oradan incə almazlara süslənmiş bir cib saatını götürüb çıxdım. Bu saatı mənə Ələkbər yoldaş hədiyyə vermişdi. Evdən çıxıb getmək istədikdə: – Yoldaş Ələkbər, siz çayınızı içiniz, – dedim, – mən mühüm bir işdən ötrü getməliyəm. Birbaş möhür qazanların yanına gəldim. Saatın üzərində bu cümləni yazdırdım: «Bərayi yadigari – Əmirnoyan cənab Hacı Şücaüddövlə Səmədxan». Faytona əyləşərək Hacı Səmədxanla görüşmək üçün Nizamüddövlə bağına gəldim. Qapıda bir qiyamət idi. Əlində Hacı Səmədxana veriləsi kağız olmayan bircə özümü gördüm. Burada bütün ictimai təbəqələrin nümayəndələri ilə bərabər malları alınan, anbar və hücrələrinə möhür vurulan tacirlər də bulunurdu. Bunlardan başqa, xəfiyyələr, casuslar, ehsan istəyənlər, mədhiyyə yazan şairlər, yeni qəsidəsini oxumaq istəyən dərvişlər, küçə oxuyanlarından kor əsgər kimilər, korlar, şillər, dilənçilər, vəzifə almaq üçün rüşvət gətirənlər də durub gözləyirdi. Faytona yol açdılar, qapıçıya yanaşdım. – Həzrət Əşrəfə, Əbülhəsənbəyin hüzura müşərrəf olmaq istədiyini ərz ediniz, – dedikdə, o icazə almaq üçün getdi. Mən də qapıda durub ətrafdan eşidilən danışıqları dinləyirdim. – İnsan buna təəccüb edirdi. Səttar xan vaxtında bizə istibdadçı deyib dağıdırdılar. Hacı Səmədxan vaxtında adımızı inqilabçı deyib anbarlarımı möhürləyirlər. Siz Allah, bir baxın görün Allah bu zülmü götürəcəkdirmi? – Bəs mənim işimə nə deyəsən? Yeznəmiz rus himayəsində, tövləmizdə də qoşun atları bağlanıbdır. – Mənim işim lap gülməlidir. Məhəmmədəli şahın və cənab konsulun tərəfdarı olan «İslamiyyə» mənim mülkümdə oturmamışdımı? Bəs belə olanda mənim anbarıma nə üçün möhür vurulsun? – Hacı Şücaüddövlənin bundan xəbəri yoxdur, mənim qızım Nəcarovun qardaşı nəvəsinin arvadıdır. Nəcarov da ki, imperator himayəsindədir. Bu dəxi vəsiqəsinin surəti! – Bəs buna nə deyirsən? Hacı Mirzəağa kimdir! Qardaşım qızı ona siqə deyilmi? İnqilab vaxtında Səttar xanın qapısında durub pul istəyən kor Şəfi, indi də Nizamüddövlə bağı ətrafına köçmüşdü. «Ay mənə yüz altun para verən, Allah sənin malını müstəbidlərə qismət eləməsin» deyən bu adam, indi də: – Ey mənə yüz altun para verən, Allah sənin pulunu mücahidə, əks-inqilabçılara, bənnəyə, at dəllalına, bağbana, yol kəsənə, qan tökənə qismət eləməsin! – deyə qışqırırdı. Dərvişlərin qəsidəsi də məzmununu dəyişmişdi. Buradakıların nə sözündə, nə də simasında inqilabın kiçik bir təsirinin izi belə sezilmirdi. Şairlərdən birisi də Hacı Səmdxana yeni yazdığı şeirini yanındakılara ucadan oxuyurdu. Lakin dinləyən yox idi: çünki hər kəsin özünə görə bir dərdi var idi. Mənim bağa daxil olmağıma icazə verildi. Bağa daxil oldum. Bu gün şiddətli küləklər başlamışdı. Bağdakı ağacların çılpaq budaqları biri digərini döyür, bəzən budaqların dallarında donub qalmış buzlu qar parçaları qopub xiyabanlara tökülməkdə idi. Külək bağdakı ağaclardan qalxan zəif qanadlı quşları da özləri istəmədiyi tərəflərə qovub aparırdı. Müqəddəratını küləklərə tapşıran sərçələr payız xəzəli kimi havada oynaşır və bir-birinə toxunurdu. Mən Hacı Səmədxanı həyətdəki hovuzun başında gördüm. O mənimlə görüşmək üçün oturduğu kürsünün üstündən qalxdı və məni çox mülayimətlə qarşıladı. Onun halında nə isə bir başqalıq vardı. O, qolumdan tutdu. Onunla balkona tərəf yönəldikdə mən hovuzdan çılpaq bir adamın çıxarıldığını gördüm. O, bir gənc idi, bütün vücudundan qan axırdı. Səmədxan onu buzlu suyun içinə salıb çubuq ilə döydürmüşdü. Gənci ayağından tutub sürüyə-sürüyə aparırdılar. O inləyirdi. Hacı Səmədxan işgəncəsinin bu şəkli məni tamamilə sarsıtdı və bağda Hacı Səmədxanın, yaxud başqalarının olduğunu belə unutmuş kimi oldum. Səmədxan mənim vəziyyətimi çox tez anlamış olmalı ki, bu işgəncənin səbəbini izah etdi: – Bir həftədən bəridir ki, bu ədəbsizi tutmaq olmurdu. Mən bunları tərbiyə etməyi bacarmıram, bunlar külliyyətcə ədəbsizdirlər. Bu nadürüst hər gecə bağın yanından keçəndə oxuyurdu, oxuduğu sözləri nədir? Səttarın vaxtında deyilən hərzə və hədyanlar. Birlikdə balkona çıxdıq. Xan narahat kimi idi. Özü də dönüb tez-tez hovuza sarı baxırdı. Mən bilirdim ki, bu narahatlıq gəncə verilən cəzanın yarımçıq qaldığına görə idi. Aşkardı ki, mənim gəlişim işgəncəni yarımçıq qoymuşdu. Görünür Hacı Səmədxanın xəyalı gənci ölüncəyə qədər suda döydürmək imiş. Qəbul salonuna daxil olduq. Xüsusi icazə ilə görüşə gələnlər, çörələmə salınan döşəkçələrin üstündə sıra ilə oturmuşdular. Onlar hamısı biz içəri girincə qəlyanlarının qəmişini ağzından çıxarıb ayağa qalxdı. Səmədxan məni orada oturanlara təqdim edərək dedi: – Cənab Əbülhəsənbəydir. Cənab general konsulun və bizim səmimi dostumuzdur. Cənab generalın sağ əlidir, özləri də generalın ailəsinə mənsubdurlar. Bu söz Hacı Səmədxanın ağzından çıxarkən burada olan əlliyə qədər adamdan hər birinin çöhrəsindəki ifadənin ani olaraq necə dəyişdiyi məndən gizlin qalmadı. Bu çöhrələrdə yaltaqlıq, riya, təməllüq və alçaqlığın hər cür şəklini görmək mümkün idi. Başlar əyilir, dişlər ağarır, yalançı təbəssümlər və saxta sözlər işə düşürdü: – Bəndəçiliyimiz var! – Mərhəmətiniz artıq! – Şərəfyab olduq! – Sərafraz olduq! – Nökərçiliyimiz vardır və i. Təbriz zadəganı, Təbriz ziyalısı, Təbriz əsilzadə və tacirinə məxsus bütün ikiüzlülük meydana qoyulduğu zaman, mən də Hacı Səmədxanın sağında salınmış döşəyin üstündə diz çökük oturmuşdum. Bir ara qəlyanların xorultusu və çay qaşıqlarının səsi yüksəldi. Öskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. Mənə də papiros gətirdilər. Danışan yox idi, mən də oturub Hacı Səmədxana gətirdiyim qiymətli saatı nə cür təqdim edəcəyimi düşünürdüm. Məşədi Kazım ağanın əmlakına vurulan möhür bu gün götürülməyəcək olursa, sabah malları daşınıb aparılacaq idi. Bir saatdan artıq müxtəlif sahələrdə danışdıq. Sərdar Rəşid də hüzura gəldi. Hacı Səmədxan onu görən kimi: – Cənab Əbülhəsənbəyin qohumları və tanışları üçün vədə verdiyimiz əmniyyət vəsiqələri hazırdırmı? – deyə soruşdu. Sərdar Rəşid: – Bəli, hazırdır, bu saat ağanın hüzuruna təqdim ediləcəkdir, – dedikdə,ələ fürsət keçdiyini hiss etdim və sözə başladım. – Bəndə yaşadığım evin sahibi Məşədi Kazım, doğrudan da, həzrət Əşrəfin həqiqi xeyirxahlarındandır. Hətta həzrət Əşrəf şəhərə təşrif buyurduqları gün, evində yüz nəfərlik bir ziyafət də düzəltmişdi. Bəndə özüm də o ziyafətdə iştirak etdim, eşitdiyimə görə onun əmlakı da möhürlənmişdir. Hacı Səmədxan təəccüblü bir surətdə sərdar Rəşidə müraciətlə: – Bu səhvi düzəltmək lazımdır. Biz öz dostlarımızı tanımalıyıq, – dedi və sərdar Rəşid də cavabında ərz etdi: – Bəndənin bu işdən xəbəri yoxdur. Mahmud xan əlində möhrü tutub şəhəri dolanır və kefi istədiyi qapını möhürləyir. Mən də bu barədə həzrət Əşrəfə ərz edəcəkdim. – Cənabın anbarından tezliklə möhrü götürüb özünə tapşırasınız və mənim dilimdən də ondan üzr istəyəsiniz. Bu sözdən sonra Səmədxan möhrünü ağ kağıza basıb sərdar Rəşidə verdi. Yarım saat sonra sərdar Rəşidin əmri ilə katib yüz əmniyyət vərəqəsi və anbarlardan möhrü götürmək üçün də bir əmrnamə gətirdi. Hər şeydən əmin oldum, indisə durub getməyə tələsirdim. Hacı Səmədxan mənə müraciət edərək: – Tələsməyə lüzum yoxdur, – dedi, – naharı birlikdə yeməliyik. Bu sözdən sonra Hacı Səmədxan jiletinin cibindən qapaqlı və qara emaldan qayrılmış bir saat çıxarıb baxdı və onun tarixindən bəhs edərək dedi: – Bu saat bəndə üçün çox qiymətlidir. Bunu Müzəffərəddinşah mərhum Frəngistanda mənim üçün almışdı, böyük yadigardır. Amma yaxşı işləmir, usta əlinə verməyə heyifim gəlir. Mən: – Yaxşı olardı ki, həzrət Əşrəf mərhum şahın hədiyyəsini öz əntiqəxanasına qoyub özü də başqa bir saat saxlayaydı, – dedim, – hazırda «Mauzer» firmasının çox nəfis saatları vardır. Bəndə çox arzu edərdim ki, həzrət Əşrəf onlardan birisini nümunə üçün yanında saxlasın. Hərgah həzrət Əşrəf bəndələrdən bir dostluq yadigarı qəbul etmək tənəzzülündə bulunsaydı, mən öz yanımda olan çox nəfis bir saatı ona təqdim edərdim. Saatı çıxardım, cəlladın gözü saatın üzərindəki qiymətli daşları görünçə daha da qızardı. O saata çox həris nəzərlərlə baxır və çevirib arxasındakı yazını diqqətlə oxuyurdu: «Bərayi yadigari-Əmirnoyan cənab Hacı Şücaüddövlə Səmədxan». Səmədxan bunu oxuduqdan sonra: – Hərgah cənab ağa bizə bu ləqəbi əta buyurursa, biz kəmali məmnuniyyətlə qəbul edərik! – dedi və bu cümləni salonda oturanlara oxudu. Salondakılar bu ləqəbi, təbrik etdi. Yaltaqlıq və riyakarlıq səhnəsi bir daha təzələndi, saat əldən-ələ gəzirdi. Oturanlar onu bir-birən verdikdən sonra, nəhayət, saat bu biri tərəfdən gəlib Səmədxanın əlinə yetişdi. Xan yenə də o tərəf-bu tərəfinə baxıb, saatı qoynuna soxdu. Etimadüddövlə mənə belə bir sual verdi: – Cənab Əbülhəsənbəy, bu saatlardan xərid etmək mümkündür, ya yox? Mən: – Xeyr! – dedim, – bu saatı mən ay yarım bundan əvvəl ancaq həzrət Əşrəf üçün Berlinə sifariş vermişdim. Hacı Səmədxan bu sözdən olduqca razı qaldı və: – Biz də bunun müqabilində cənab Əbülhəsənbəyə Əbülhəsənxan deməliyik, – dedi və bu barədə fərman yazılmasına əmr verdi. Biz birlikdə qalxıb nahar otağına keçmək istərkən, Mahmud xan içəri girdi. – Hacı Mirməhəmməd ağa geçpez gəlib, sizi ziyarət etmək istəyir, – dedikdə Hacı Səmədxan narazı bir ahənglə cavab verdi: – Buyursun görək! Hacı Mirməhəmməd daxil oldu. Hacı Səmədxanın icazəsilə əyləşdi. Oturanlarla boylanıb salamlaşdı, bir neçə kərə qalxıb oturdu, başını sağ-sola, yuxarı və aşağı əydi, sonra da qarşısına qoyulan çay və qəlyanla məşğul oldu. Onun qoynundan bir kağız çıxarıb Hacı Səmədxana təqdim etdiyini gördüm. Hacı Səmədxan, məncə, hələ kağızı axıra qədər oxumamışdı ki, birdən sanki barıt anbarına od düşdü. O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. Mirməhəmmədə qəzəbli bir nəzər ataraq: – Cəddin sənə qənim olsun! – dedi. – Xiyalın bütün Təbriz camaatını dara çəkdirməkdirmi? Axır bəsdir. And olsun başıma, evladi-peyğəmbər olduğuna baxmayaraq, bu saat səni asdıraram! Dur gözümdən rədd ol! Bir də bu bağın qapısından daxil olma! Həyasızın birisi, deyəsən, bizim Təbrizdə adam boğdurmaqdan başqa bir işimiz yox imiş. Məclisdə oturanların heç biri Hacı Mirməhəmmədin nə vaxt çıxıb qaçdığını bilməmişdi. Nahar otağı kiçik bir salondan ibarət idi. Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. Əl suyunu üç nəfər gətirmişdi. Onlardan birisi Hacı Səmədxanın əlinə su tökdü, ikinci mənim, üçüncü isə Səmədxanın sol tərəfində oturan sərdar Rəşidin əlini yudu. Hacı Səmədxanın əlinə su tökən başqasının əlinə su tökmədən salonu buraxıb getdi. İki qəfər isə sırada oturanların əllərinə bir-iki damcı su tökərək salondan çıxdılar. Əllərini silən yox idi. Hər kəs əlini şiş kimi qarşısına uzatmışdı. Su damcıları xalçanın üzərinə salınmış «ruyi-fərş»in üzərinə tökülürdü. Xonçalar ortalığa gəldi. Süfrədə birinci yeri tutan plov idi. Təbrizdə hökm sürən aclığa baxmayaraq, valinin süfrəsində əlli cürə xörək saydım. Tatlılar, mürəbbə isə bura daxil deyildi. Süfrə başında oturanların bir gözü Hacı Səmədxanın ağzında, digər gözü isə qarşısında qoyulan ləzzətli yeməklərdə idi. Yemək icazəsi verilmədən heç kəsin xonçalara əl uzatmağa cürəti yox idi. Hələlik Hacı Səmədxan da mənim ilə başladığı söhbətini bitirməmişdi. Söhbətlər Hacı Səmədxan ilə çar konsulu arasında olan səmimi dostluq əlaqəsi ətrafında gedirdi. O, İranın səadətini çar himayəsində görür və bunu da iranlılara tövsiyə edirdi. Süfrə başında oturanların səbri tükənmişdi. Onlar Səmədxana baxmaqla bərabər başqa xonçalarda qoyulan yeməkləri də müqayisəyə başlamışdı. Cücələrin köklüyünü, yağlı, yağsız olduğunu, mürəbbələrin əqsamını və sairləri gözdən keçirən çox idi. Uzun bir intizardan sonra Hacı Səmədxan bir kərə: – Ağayan, bismillah! – dedi. Süfrə başında oturanlar dərhal qarğa-quzğun kimi qanadlarını plov nimçələrinin üzərinə gərdi: barmaqlar nimçələrin böyrünü didməyə və ətləri çıxarmağa, cücələri cırmağa, plov nimçəsinə şapalaq vurmağa başladı. Hacı Səmədxan düyüdən bir loğma yeyərək durmuşdu, onun nimçəyə dirənən gözü yol çəkirdi. Nəhayət, aşpazı səslədi. Aşpaz içəri girib təzim etdi. Səmədxan qayət acıqlı bir surətdə ona müraciət edərək: – Düyünü nə üçün əzibsən? – soruşduqda, aşpaz qorxusundan cavabı təxirə saldı. Buna görə də Səmədxan adamlarına müraciətlə: – İndi ki, cavab vermir, aparıb ağzını tikin, – dedi. Aşpazı apardılar. Mənim tüklərim biz-biz durdu. Lakin etiraz etmək imkanı yox idi. Başqaları da etiraz etməyərək plov yeməkdə davam edirdi. Ağzını cücə əti ilə doldurub burnundan nəfəs alanların fısıltısı içəridə ağzı çuvalduz qıyıq ilə tikilən aşpazın iniltisini eşitməyə mane olurdu. * * * Rəfizadə və Şümşad xanım Hacı Səmədxanın evindən çıxıb Ninanın yanına gəldim. Bütün əhvalatı danışdım, təşəbbüsümü təqdir etdi. Mən Təhminə xanımı göndərib axşam saat doqquzda Həsənağanın Tütünçüoğlunu da götürüb bizə gəlmələri sifarişini verdim. Bir saat rahət olmaq istədim, lakin mümkün olmadı. Məcid çarpayının üzərinə atılıb yenə də tülkü ilə xoruzun nağılını başladı. Yata bilmədim. Təhminə xanımın qızları Töhfə və Sənubər xanımlar da gəldi. Nina, Mahru və İraidanın gələcəyini də xəbər verdi. Onun dediyinə görə, bu gün Mahrunu yasdan çıxarmaq və qara yas paltarını dəyişmək lazım gəlirmiş. Durub çarpayının üzərində oturmuşdum. İndi Məcid nağıl deməyi buraxıb Səttar xan olmuşdu. Səttar xanın ağ atını təmsil etmək üzrə bir qarğı ata minmişdi. Səngər evin ortasında qurulmuşdu. Balaca sandığın dalısında Qaradağ atlılarını əvəz edən oyuncaqlar bulunurdu. O, bir kərə qılıncını çəkərək səngərə hücum elədi və oyuncaqları darmadağın etdi. Mən onu tutub qucağıma aldım. Saçlarını oxşamağa başladım və ona sual verdim: – Sənin adın nədir? – Səttar xan. – Nəçisən? – Məcayib – Kimin oğlusan? – Anamın! – Anan kimdir? – Anamdır! – Adı nədir? – Anam. – Göstər görüm. – Odur, bax, qab aparır. Hələ anamı tanımırsan? Nina bizə tamaşa edirdi. O, qollarını Məcidə açdı. Məcid dərhal mənim qollarımın arasından çıxıb onun qucağına sıçradı. Nina onu öpərək: – Bəlkə, sən də olmayaydın, bəs mən bu evdə kimlərlə əyləncəkdim? – dedi. Ninanın bu sözü mənə də təsir etdi, hərgah Təhminə xanım gəlməsəydi, bu söz bizim Nina ilə başlayacağımız uzun bir söhbət üçün giriş olacaq idi. Təhminə xanım gəlib, tapşırığımı Həsənağaya yetirdiyini söylədi. Mən də evdə iclas olacağını Ninaya xəbər verərək vidalaşdım. Axşama o qədər qalmamışdı. Çoxları dükanlarını bağlayıb evinə gedirdi. Uzaqda yaşayan tacirlərin ağ uzunqulaqları, sürətlə sağa, sola, şimala və cənuba getməyə tələsirdi. Hələ vaxt var idi. Üzümü qırxdırmaq üçün Həsənxan dəlləyin dükanına girdim. Orada bir çox adam toplaşmışdı. Birisini döyürdülər, döyülən adamın söyüş və bəzən də yalvarış səsi gəlirdi. – ... yedim. Atamla, anamla, cəddu əbimlə, lənət öz atama olsun, anama olsun, bəsdir, vurmayın. Çakəşlər. Əl çəkin məndən. Səs lənətçi Məşədi Məhəmmədin səsinə bənzəyirdi. Onu döyənlər isə dəllək Həsənxan və onun şagirdləri idi. Həsənxan onu hər dəfə təpik ilə vurduqda deyirdi: – Köpəkoğlu, sən özünü elə yetirmisən ki, cənab Hacı Səmədxana da lənət oxuyursan? Mən buna inanmadım. Bir mən yox, lənətçi Məşədi Məhəmmədin Hacı Səmədxana lənət oxumasına heç kəs inana bilməzdi. Həsənxan bir təpik də vurub: – Köpəkoğlu, sən bilmirsən ki, Hacı Səmədxan da üzünü qırxdırır? Sənin nə həddin var ki, üz qırxdırana lənət oxuyursan? – dedi. Məsələ aydın oldu. Lənətçi Məşədi Məhəmməd hər gün Həsənxan dəlləkdən bir qran pul alardı. Bunun əvəzində o, dükanının qabağında durub üz qırxdıranlara lənət oxumamağı öhdəsinə götürmüşdü. Nəhayət, dəllək pul verməkdən yorulur, ona daha pul verməyəcəyini söyləyir. Lənətçi isə bunu görürkən, səhər tezdən dəlləyin dükanının qabağını kəsib üz qırxdıranlara lənət oxumaqla dükana heç bir kimsəni buraxmır, həftələrlə dükana müştəri gəlmir. Nəhayət, dəlləyin qardaşı Xasaxan Hacı Səmədxanın xüsusi bərbəri təyin olunduğu gün, Həsənxan cürətlənərək lənətçi Məşədi Məhəmmədən intiqam alır. Lənətçini dəlləyin əlindən alıb buraxdılar. Zarıya-zarıya, xəstə kimi gedirdi, nəhayət, bir az uzaqlaşdıqdan sonra, yenə də adəti üzrə: – Gözü ilə görənə lənət! – deyə gözdən qeyb oldu. Müxtəlif hadisələrə meydan olan küçələrdən keçə-keçə evə gəldim. Qaranlıq düşmüşdü. Evdə çıraqlar təzə-təzə yandırılırdı. Ələkbər yoldaş masa başında oturub Culfaya məktub yazırdı. Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. Səriyyə xala çay hazırlayır, Məşədi Kazım ağa isə yenə də səhər oturduğu yerdə əyləşib mürgüləyirdi. O, gözlərini açaraq məni gördü, ayağa qalxmaq istədikdə əlimlə çiynindən basaraq qoymadım. O, altdan yuxarı başını qaldırıb üzümə baxdı və minnətdarlıqla gözlərimə baxmaqdan çəkinərək dedi: – Məni əfv edin! Mən səhər sizin övqatınızı təlx etdim. Bütün var-dövlətim məşrutə yolunda qurban olsun. Ancaq sizin başınızdan bir tük əskik olmasın. Qoy anbarları da götürüb getsinlər, amma sizin səhər çay içməmiş getdiyiniz mənim qəlbimə toxundu. Siz məni fikirli görəndə başqa şey düşünməyin, doğrusu hərdənbir uşaqlar yadıma düşür. Onun üçün darıxıram. Mən yenə də səhərki kimi əlimi onun çiyninə qoydum. – Necə ki, demişəm, yenə də deyirəm, – dedim, – məşrutədən hər kəs zərər görürsə-görsün, sən mənfəət görəcəksən. Məşədi Kazım ağa bu sözdən sonra nə edəcəyimi çox səbirsizliklə gözləyirdi. O tamam bir diqqət kəsilmişdi. Ağzımdan çıxacaq sözün intizarını çəkir, bütün hərəkətlərimə göz qoyurdu. Mən əlimi qoltuq cibimə uzatdıqda diksindi. Fərmanı çıxarıb ona verdim: – Al, – dedim, – get bunu darğabaşıya ver, Hacı Səmədxanın fərmanıdır. Bununla darğabaşı möhrünü qırıb anbarlarını və hücrəni özünə tapşırsın. O, ilk əvvəl gözlərinə və qulaqlarına inanmırdı. Sonra birdən Hacı Səmədxanın möhrünü görüncə yerindən sıçradı, qapıya atılıb gözdən qeyb oldu. Saat doqquz idi. Tütünçüoğlu ilə Həsənağa gəldi. Məşədi Kazım ağa da anbarların möhrünü açdırıb sevinə-sevinə qayıtmışdı. Hələ iclası başlamamışdıq. Rusca bir məktub yazıb Məşədi Kazım ağaya verdim: – Sabah konsulxanaya gedərsən, – dedim, – bu məktubu konsula verərsən. – Bu nə məktubdur? – Burada sizi konsula tərifləmişəm. – Nə üçün? – Sizə pul qazandırmaq üçün! – Haradan? Bunu xəbər alarkən onun gözləri maraqdan iri-iri açılmışdı. – Siz gedərsiniz konsulun yanına, – dedim, – hazırda rus ordusunun təchizat işlərində bir çox tacirlər çalışır; bütün təchizat sənin vasitənlə düzələcəkdir. İşləri öz istədiyin adama tapşıracaqsan. – Doğrudanmı? – Doğrudan! – İndi getsəm olmazmı? Bəlkə də, səhərə kimi bir başqası gedib bu işə burnunu soxdu?! – Otur! Tələsmək lazım deyil. Heç kəsə verilməz. Sən oradan yenə də milyonlar qazanacaqsan. İclası başlamaq istərkən, miss Hannanın məktubunu gətirdilər. Məktub çox qısa yazılmışdı. «Əbülhəsənbəy! Xüsusi işimdən ötrü səni təcili surətdə görmək istəyirəm. Sizi sevən Hanna». Mən də cavabı qısaca yazdım. «Əziz dostum Hanna! Gecə saat 11-in yarısında... Əbülhəsən...» İclas şəhərə intibahnamə buraxılması məsələsini müzakirə etməli idi. Əvvəlcə Hacı Səmədxanın çar konsulu əlində alət olduğunu ifşa etmək, sonra da Səmədxanın Mirzə Rza pişnamaza beş top ağ göndərib Məhəmmədəli şahın İrana qayıtması üçün imza toplamaq istədiyini əhaliyə bildirmək lazım idi. Birinci növbədə Mirzə Rzaya təhdid məktubu yazıldı. «Cənab Mirzə Rza! Bu xəbərdarlıq məktubudur. Siz elə düşünməyin ki, məşrutənin çırağı tamamilə sönmüşdür. İranın azadlığı uğrunda çarpışanlar sizdən baş verən hər bir xəyanəti görür. Vaxtında hər kəs öz əməlinin cavabını verəcəkdir. Siz çar konsulu və onun aləti kəsilən Hacı Şücaüddövlənin tərğibi ilə Məhəmmədəli şahı İrana gətirmək üçün Təbriz xalqından imza yığmaq istəyirsiniz. Sizi xəbərdar edirik. Sizə göndərilən beş top ağ sizin və sizin kimilərin kəfəni olacaqdır. Sizə Təbrizdən çıxmaq üçün bir gün vaxt veririk. İkinci gün sizi amansız bir ölüm cəzası gözləyir. İran inqilab komitəsi». Məktub poçta vasitəsilə göndəriləcək idi. Sonra da özüm düzəldib yazdığım intibahnaməni iclasdakılara oxudum. Hamı intibahnaməni təqdir etdi. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. Bu yoldaşlar xalça fabrikası işçiləri ilə görüşüb onları təşkil etmək işini də öhdələrinə götürdülər. * * * Miss Hanna balkonda durub məni gözləyirdi. Mən bir az gecikmişdim. İçəri girdikdə, yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. Miss Hanna süfrəni göstərərək: – Burada səni görmədiyin bir çox adamla tanış edəcəyəm! – dedi. – Kimlər ilə? – Amerika konsulxanası işçilərindən Rəfizadə, arvadı Şümşad xanımla və bacıları ilə. Çay otağına keçdik. Qadınlar orada yoxdu, orada ancaq ortayaşlı bir iranlı gördüm. Miss Hanna məni tərifləyərək ona təqdim etdi: – Haqqında sizə danışdığım və bütün varlığımla səmimiyyət bəslədiyim Əbülhəsənbəydir. Sonra Rəfizadəni təqdim edərək: – Amerika konsulxanası mütərcimlərindən Rəfizadə cənablarıdır! – söylədi. Miss Hanna bizi orada buraxıb özünün əlbisə otağına keçdi. Mən oturub Rəfizadəni ayağından başına qədər gözdən keçirir, onun geyimi ilə çox maraqlanırdım. Onun boğazına taxdığı ağ sümük yaxalıq həddindən artıq uca idi, yaxalıq qulaqlarının yarısına qədər qalxmışdı. Çox uzun olduğuna baxmayaraq, çənəsi yenə də yarısına qədər yaxalığının içərisinə girmişdi. Yaxalığın üstündən bağladığı qara atlas qalstuk bütün döşünü örtəcək qədər enli idi. Qara sürtuğunun yaxalığını təzəcə dəyişmişdi. Çünki sürtuğun bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. Heç şübhə yoxdu ki, bığlarına da həna yaxmışdı. Lampanın işığı onun üzünə düşərkən bığlarının tükləri xoruz qanadı kimi parlayırdı. Onun simasındakı daimi təbəssümlərin də süni və yersiz olduğu aydındı. Ortalıqda təbəssümə səbəb olacaq heç bir şey olmadığı halda belə, onun dişləri ağarırdı. Libas otağından qadınların səsi gəlirdi: – Ay aman! Ay qız mən yad kişi üzünə necə çıxım axır? – Sən olasan həzrəti Abbasın o qələm olan qolları, ay Səlimə, məni yad oğlanın qabağına çıxarma! – Ay Şümşad, sən niyə utanırsan? Sənin ki, ərin oradadır. Sonra da miss Hannanın səsini eşidirdim. – Ay xanımlar. Siz olasınız mənim canım, çəkinməyin! Durun o yana keçək! Mənim evimi öz eviniz hesab edin. Oradakı tamamilə mədəni bir avropalıdır. Rəfizadə bu sözləri eşitdikdə bir daha təbəssüm edərək: – Bizimkilərdir! – dedi, – bir az utancaqdırlar. – Örtülümü gəzirlər? – Xeyr ağa! Nə örtülübazlıqdır? Çarşaf bizlərdə muzeyə verilmişdir! Bizimkilərin tərbiyəsi də avropalı tərbiyəsidir. – Burada olmağım xanımları sıxıntaya salarsa mən icazənizlə gedə bilərəm. – Xeyr, baba! Ta bəkey. Onları tərbiyə etmək lazım deyilmi? Onlar nə vaxta qədər kişilərdən qaçmalıdır? Artıq cəmiyyət içərisinə çıxmaları lazımdır. Bizim xanımlar özləri sizinlə maraqlanırlar. Onlar ağanın təşrif gətirməsi xəbərini eşidincə artıq dərəcədə şad oldular. Hanna xanım sizin haqqınızda elə müsbət bir fikirdədir ki, bizim hamımız ağanı görməklə maraqlanırdıq. Ağa, doğrudan da, biz öz mədəni adamlarımıza qiymət qoymalıyıq. Onların mədəniyyətindən istifadə etməliyik, xüsusən ağanın tərbiyəsi də bir qərbli tərbiyəsidir. Hərgah cəmiyyətimiz ağa kimi zatlardan təşkil olunsaydı, bizim xanımlarımız çoxdan bəri cəmiyyət içərisinə çıxmışdı. Amma nə edəsən ki, dala qalmışıq. İşimiz irəli getmir! Söz bura yetəndə pərdə qalxdı, avropalı qiyafəsində dörd qadın içəri girdi. Miss Hanna əvvəlcə ortaboylu gənc bir qadını mənə təqdim edərək: – Cənab Rəfizadənin zövcəsi, Şümşad xanımdır – dedikdə, qadın mənim əlimi sıxdı. Mən onun barmaqlarında, yad kişi ilə görüşərkən cəmiyyət içərisinə çıxmayan gənc və məhcub bir qadının barmaqları üçün təbii olan titrəyişi hiss etmədim. Miss Hanna o biri üç qadını da mənə təqdim etdi: – Bu xanımlar cənab Rəfizadənin bacılarıdır. Bu, Səlimə xanımdır, bu da Şuxşəng və Pərirux xanımlar... Qoca xidmətçi qadın çayı gətirib stolun üzərinə düzürdü. Mən stola qoyulmuş şirniyyatdan götürən barmaqlara da baxırdım. O barmaqlar da cəmiyyətə yeni çıxan qadının barmaqları deyildi. Onların simalarında, Şərq qadınlarına məxsus məhcub təbəssümlər də görünmürdü. Hətta gözlərində utancaq qadın baxışları da sezilmirdi. Bunlar bir sözlə, qətiyyən yad kişi üzünə çıxmamaq üçün içəri otaqda miss Hannaya yalvaran qadınlara oxşamırdılar. Rəfizadənin arvadı Şümşad xanım məni daha artıq şübhələndirirdi. Onun siması kişilər cəmiyyətində uzun illər vaxt keçirmiş bir qadının siməsını andırırdı. O, Şərq romanlarına məxsus tiplər kimi qövsi qaşlarını dartaraq kaman vəziyyətinə salır və üzümə baxdığı vaxt gözləri gülürdü. Mən Təbrizdə yaşadığım uzun zamandan bəri gördüyüm qadınlar içərisində bu gün tanış olduğum Şümşad xanım kimi bir qadın görməmişdim. Rəfizadəni şübhələndirmək və qısqandırmaq ehtimalı qarşısında bulunmasaydım, gözlərimi Şümşad xanımın üzündən bir an belə yayındırmazdım. Gözəl olmaqla bərabər, bu qadında qəribə xüsusiyyətlər vardı ki, mən bunların heç birisini başqa qadınlarda görməmişdim. Kişini cəzb edən və əyləndirən onun dili və şivəsi deyil, bəlkə də, bütün vücudu və gözəl vücudu ilə çoxca uyğunluğu olan qəribə hərəkətləri idi. Şübhəsizdir ki, bu, evli Təbriz qadınında təsadüf ediləcək bir xüsusiyyət deyildi. Onun dərin bir surətdə ah çəkərək köksünə hərəkət verişi, hətta nəzəri cəlb edəcək qədər tez-tez diksinişi, otağın tavanına baxdığı zaman göz bəbəklərindəki parıltının bir gözündə dərin kədər, digər gözündə isə şadlığa dönməsi və söhbət edərkən yalvarıcı bir vəziyyət alması, Təbriz qadınında təsadüf ediləcək sifətlər deyildi. Mən onun üzünə baxmaq həvəsindən vaz keçərək onunla uzun sürücü bir söhbətə girməkdən boyun qaçırmaq istəyirdimsə də o, ərini nəzərə almadan, məni məşğul etməyə və uzun sürücü bir söhbətin içərisinə salmağa səy edirdi. Rəfizadə mənim söhbətlərdən boyun qaçırdığımı və özünü qısqandırmaq istəmədiyimi hiss edincə, gülümsünərək: – Bizim xanım vaxt keçirilməli bir xanımdır, – dedi, – o, daima həyatı şad keçirməyə çalışan və dərdi unutdurmağa səy edən bir xanımdır. Onun bütün gözəlliyi də burasındadır. Təbrizdə belə xanımlar çox nadir tapılar. Çəkinməyin, xanım söhbəti hər şeydən artıq sevir. Mən xudavəndi-aləmə çox şükür edirəm ki, mənə bunun kimi saleh və gözəl bir əyal qismət buyurmuşdur. Mən bu sözlərdən ürəkləndim. – Doğru buyurursunuz, – dedim, – zövcəniz olduqca gözəl və insanı maraqlandıran bir qadındır. Onun gözəlliyi Təbriz qadınlarına məxsus bir gözəllik deyildir. Şümşad xanım təəccüblü bir surətdə: – Ola bilməz! Mənim Təbriz xanımlarına haram bənzəmir ki? – sordu. Mən: – Burasını qoyunuz cənab Rəfizadənin özü təyin etsin! – dedikdə Rəfizadə: – Xeyr, – dedi, – bu barədə sözü sizə veririk. Bunu miss Hanna və Şümşad xanımın özü də məndən tələb elədi. Nəhayət, mən məcburiyyət qarşısında qaldım və sözə başlayaraq dedim: – Gərək Şümşad xanım mən dediklərimin həqiqət olub-olmadığını özü də təsdiq eləsin. Mən Təbrizdə qadınlar olan bir çox ziyafətlərdə iştirak etmişəm. Mən bu gecə sizin xanımınızla başqa yerlərdə gördüyüm gözəl xanımlar arasında bir müqayisə yapırdım, o müqayisə bundan ibarətdir: əvvəlcə Təbriz qadınlarının xüsusiyyətlərindən başlayıram. Hər bir gözəl Təbriz qadını güldüyü zaman, onun hər iki yanağında bir çuxurluq vücuda gəlir. Bu Şümşad xanımda yoxdur. Təbriz qadınının gözləri uzunsov deyil, onların gözlərinin ağ hissəsi tamamilə ağ, qara hissəsi isə şəvə kimi qaradır. Təbriz qadınının gözlərindəki ağ hissənin içərisində qırmızı qan damarlarına da təsadüf edilməz. Təbriz qadınının dodaqları iki ox kamanının bir-birinin üstünə qoyulduğunu təsvir edir. Təbriz qadınının üzü olduqca ağ və pənbədir. Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır. Təbriz qadınının boyu uzundur, burada gödək boylu qadınlara çox az təsadüf edilir. Onların əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. Təbriz qadınında qadına məxsus bir yeriş vardır, onlar erkək libasına girsə belə, başqa şəhərlərin qadınları kimi qadın olduğunu gizlədə bilməz, çünki onlar yalnız quruluşca deyil, bütün varlığı ilə də bir qadındır. İndi qoyunuz Şümşad xanım özü buyursun, mən dediklərim bir həqiqətdirmi ya yox? Şümşad xanım: – Bu saydıqlarınız tamamilə Təbriz qadını sifətləridir, – dedi. – Əcəba, sizin dediyiniz sifətlərə malik olmayan bir qadın, özünə hansı bir səlahiyyətlə gözəl deyə bilər? – Bu sifətlərə malik olmayan qadınlar da gözəl ola bilər, çünki təbiətin insanlara bağışladığı gözəl sifət, o qədər bol və zəngindir ki... Bunların hamısını bir təbrizli qadının siməsında toplamaq mümkün deyil. Təbiət hər kəsin özünə, başqalarında görülməyəcək bir xüsusiyyət vermişdir. Şümşad xanımın hissəsinə gözəlliyin ən zəngin cəhətləri düşmüşdür ki, o da kişiləri məşğul və cəzb etmək üçün ən dəyərli bir xüsusiyyətdir. İş gözəllikdə deyil, gözəllikdən layiqincə istifadə etməkdədir. Şümşad xanım isə bunu bacarır. Dünyada çox gözəl qadın vardır ki, ən çirkin bir qadın kimi insanı özündən nifrətləndirir və uzaqlaşdırır. Gözəl qadınların çoxusu ancaq ağzını açıb danışana qədər sevilir, bir çox çirkin qadınlar da mövcuddur ki, insan onların nə qədər gözəl olduğunu, ancaq danışdıqları zaman təyin edə bilər. Sizin gözəlliyinizə gəldikdə onu bir qısa cümlə ilə sizə deməliyəm: sizə bənzəmək üçün gözəl bir qadının dərs oxuması və özünü sevdirmək dərsi keçməsi lazımdır. Bu sözlərdən Şümşad xanım və Rəfizadə həddindən ziyadə razı qaldı və sonra Rəfizadə mənə sual verərək: – Mənim bacılarım da Təbrizin məşhur gözəllərindəndirmi? – soruşdu: Mən heç də təxir etmədən cavab verdim. – Bunların sizin bacınız olduğu haqqında mübahisə etməyəcəyəm. Ancaq bunu deməliyəm ki, bunların da gözəlliyi Təbriz qadınındakı gözəllikdən çox fərqlidir. Həqiqətən bu qadınların heç birisi təbrizliyə bənzəmirdi. Bunlar qarabəniz, qurumuş uzun əlli, uzunsov çöhrəli qadınlardı. Təbii mən bunların qaraçı olduqlarını deyə bilməzdim, o zaman həm Rəfizadə, həm də miss Hanna məndən inciyə bilərdi. Səlimə xanım, Şuxşəng və Pərirux xanımlar Rəfizadənin bacısı deyildi. Onların Rəfizadə ilə olan söhbətləri də özgə olduqlarını göstərirdi. Bunlar hər kim olur-olsun, mən hər halda, miss Hannanın ətrafında mühüm bir hadisə hazırlandığını dərk edirdim. Lakin bu barədə məni miss Hannanın ağıllı olması fikri bir az arxayınlaşdırırdı. Zira miss Hanna avantüranı sürətlə hiss edən, hissiyyata qapılmayan, bərkə düşərsə özünü müdafiə etməyi bacaran bir qızdı. Durub süfrə başına keçdik. Süfrə başında bu dörd qadın insanı həyəcanlandıran, insandakı heyvani hisləri coşduran nə qədər naz, qəmzə varsa, hamısını məharətlə işlədirdi. Bu hal Rəfizadənin vecinə gəlmirdi. O, gözlərini miss Hannanın üzünə dikib dururdu. Mən onun bu evə təmiz niyyətlə gəlmədiyini yəqin etmişdim. Bu qadınlar isə zənnimə görə, miss Hannanın əxlaqını pozmaq vasitəsi idi. Şümşad xanım süfrə başında mənə müraciət edərək dedi: – Sizin xanımınızın gözəlliyi və ağlı məndə olsaydı mən özümü dünyanın ən gözəl xanımı sayardım. Bu sözlərdən miss Hannanın rəngi qızardı, mən də miss Hannanın öz sirlərini bunlara verdiyini yəqin etməklə tutuldum. Nəhayət, qadınlar, kişi cəmiyyətində danışılması cayiz olmayan sözlər də danışır və bununla da miss Hannanın üzünü açmaq və əxlaqını pozmağa çalışırdı. Stola yemək verən xidmətçi qadının baxışları da süfrə başında oturanlardan razı olmadığını bildirirdi. Saat bir idi, evə qayıtmaq lazım idi, mən onlarla görüşüb dışarı çıxarkən miss Hanna məni müşayiət etdi. Mən onun saçlarını oxşayaraq: – Gözəl dostum, bu ziyafətindən razı qalmadım, – dedim. – Bunlarla heç bir tərəfə getməyəcək və burada gecələmələrinə də imkan verməyəcəksən! Sənin vicdanın hər şeydən təmizdir, onu olduğu kimi də saxlamalısan. * * * İntibahnamələr İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi. Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq. İntibahnamələri oxumaq üçün toplanmış əhalini yarıb keçmək mümkün deyildi. Xalq dümsükləyərək biri-digərini kənara itələyib və irəli keçməyə tələsirdi. Bizi təəccübə gətirən bir para hallara da təsadüf etdik. Hacı Səmədxanın təşkil etdiyi polis idarəsi nəfərləri intibahnamələri ucadan oxuyur və xalq onlara qulaq asırdı. Biz kənarda dayanıb, bir tərəfdən polis nəfərlərinin oxuduqca intibahnamənin məzmunun təhrif edib etmədiklərini bilmək üçün onlara qulaq asır, o biri tərəfdənsə, intibahnamələr ətrafında gedən söhbətləri dinləyir, xalqda inqilabi ruhun sönmədiyini görüb sevinirdik. İntibahnamə «Təbrizlilər! Əks-inqilabın müvəqqəti üstünlüyünə baxmayaraq, inqilab hərəkatı yenə davam edir. Əks-inqilab canlandıqca onunla aparılan mübarizə də qüvvətlənir. Çar hökuməti və onun nümayəndəsi olan Hacı Səmədxan inqilab rəhbərlərini dara asmaq, boğub küçələrə atmaq və olmazın işgəncə ilə inqilabçıları məhv etməklə kifayətlənməmişdir. Onlar yeni macəraya və yeni fitnələrə hazırlaşmaqdadırlar. Siz də yeni mübarizələrə hazır olmalısınız! Təbrizlilər! Sizin silahlı qüvvələriniz hələ diridir. Lazım gəlirsə, onlar yenə də müsəlləh mübarizəyə başlayacaqdır. Hacı Səmədxan, çar hökumətinin göstərişi üzrə Məhəmmədəli şahı İrana gətirmək fikrindədir. İnqilabın zərbəsilə taxt-tacından məhrum olmuş sabiq şahın özü də İrana qayıtmaq umudundadır. Təbrizlilər! Siz bilirsiniz ki, çarın əli ilə İran taxtına gələn Məhəmmədəli nə kimi bir üsul ilə məmləkəti idarə edəcəkdir? Məhəmmədəli çar hökumətinin bir nümayəndəsi olaraq Hindistan racələrinə məxsus bir mövqe tutacaq və çar müstəmləkəsini idarə edəcəkdir. Bu macəraya Təbriz ülaməsından Mirzə Rza pişnamaz da qoşulmuşdur. Ona təbrizlilərdən imza toplamaq üçün Hacı Səmədxan beş top ağ göndərmişdir. Sizi də haman xəyanətdə iştirak etdirmək istəyirlər. Təbrizlilər! O ağın üstünə imza atmayın, o ağlar ölkənin kəfənidir, siz onu öz boynunuza yox, düşmənlərinizin boynuna keçirməyə çalışın. Təbrizlilər! Dar ağacına asılan inqilab rəhbərləri, sizdən mühüm bir şey tələb edir ki, o da inqilab mübarizəsinin davam etdirilməsidir. Hacı Şücaüddövlə də, onun İrana gətirmək istədiyi sabiq şahın özü də çar nökərləridir. İnqilab öz düşmənlərini məhv etmək üçün fürsət aramaqdadır. O fürsət yaxındır. İran kəndlisi, İran yoxsulunun qeydinə qalmayan və əcnəbi nökərliyində davam edən hər bir hökumət rəisi ilə mübarizə aparmalıdır. Çar istilasından qorxmayın, ruhdan düşməyin! Çar hökuməti öz içərisindən çürüyür. Onu öz inqilabçı işçisi, üsyançı kəndliləri dağıdacaqdır. Təbriz inqilabçıları! Mübarizə dərsini qəhrəman rus fəhlələrindən öyrənin! Hərəkatınızı Rusiya işçi hərəkatının yolu ilə aparın! Siz o hərəkatla qələbəyə doğru gedirsiniz, siz məğlub olmamışsınız. Siz həm daxili əks-inqilab, həm də çarın istilaçı qüvvələrilə qəhrəmanca mübarizə apardınız, hazırkı sükut yeni hərəkata başlamaq üçün hazırlıq sükutudur. İnqilab komitəsi». Yazıldığı kimi oxunan intibahnamə ətrafında toplananlar çoxalırdı. Belə məlum olurdu ki, Səmədxan tərəfindən düzələn polis, divara yapışdırılan intibahnamələrin gizlin bir təşkilat tərəfindən çıxarıldığını anlamır, onlardan bəziləri intibahnamələri oxuyur, bəziləri də soyuqqanlılıqla gəlib keçirdi. Onlar bu intibahnamənin, hər gün divarlara vurulan elanların, əmrnamələrin, qərarların birisi hesab edərək əhəmiyyət vermirdi. Xalqın söhbətləri də maraqlı idi. – İnqilabçını öldürmək olar, amma inqilabı öldürmək olmaz! – Mən bilirəm ki, inqilabçılar xalqı başlı-başına buraxmaz. – Mənim canım da rus fəhləsinin getdiyi yola qurbandır. – Onların da, bizim də düşmənimiz birdir. – Əmir Heşmətin iyidliyi kimlərin yadından çıxar? – Səttar xan bir də Təbrizə qayıtsaydı? Belə söhbətlər yarım saatdan artıq davam elədi. Camaat rus kazakları siyirməqılınc hücum edənə qədər intibahnamələrin ətrafından dağılıb getməmişdi. Kazaklar camaatdan bir nəfər də olsa həbs etmədi. Ancaq orada durub soyuqqanlılıqla baxan bir neçə Təbriz polisini həbs edərək apardı. Mən və yoldaşlarım, olduqca razı qalmışdıq. «Bütün təzyiqlərə baxmayaraq, yenə də inqilab tərəfdarları var imiş» deyirdik. Ruhum yüksək idi, indi artıq amerikalı qızın ətrafında başlanmış yeni romanla məşğul ola bilərdim, yolum dəxi amerikalı qızın qapısından keçəcək idi. Şümşad xanım yenə də miss Hannanın evində idi. O məni gördükdə ayağa qalxdı, əlimi qeyri-adi bir surətdə sıxdığı zaman göz bəbəkləri ilə bərabər bütün vücudunu da oynatdı. İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. Şümşad xanım nahar hazır olduğu sözünü eşitdikdə vidalaşıb getmək istəyirdi. O, qara ipək çarşafını götürüb başına örtmək istədi. Əlini miss Hannaya uzadaraq vidalaşırkən miss Hanna: – Süfrə başından getmək günahdır, – deyərək onu danlayırdı və onun çarşafını öz başına örtərək güzgünün qarşısına keçdi. O, türk qadını kimi üzünü bürümək istəsə də bacarmırdı. Şümşad xanım onu ayağından başına qədər süzdükdən sonra: – Qara çarşaf pənbə üzlü, sarı saçlı qızlara nə qədər yaraşır, – deyə güldü. Şümşad xanımın quru bir təklif ilə nahara oturması, məndə, onun buraya nahar yemək üçün deyil, mühüm bir macəra yaratmaq məqsədilə gəldiyi şübhəsini oyandırdı. «Şümşad xanım bura nə üçün gəlir?» – fikri mənim qəlbimdə böyüyür, məndə cürbəcür ehtimallar doğururdu. Nahar yeyildi. Altunlara, brilyantlara qərq olmuş Şümşad xanım bir qəhvə içərək qalxdı və gedərkən miss Hannaya müraciətlə: – Bu gün bizə qonaq gəlməyəcəksənmi? – dedi, – Səlimə, Şuxşəng və Pərirux xanımlar da bizdə olacaqdır. O, bir neçə saniyə durub miss Hannadan cavab gözlədi. Miss Hanna isə soruşucu gözlərlə mənim üzümə baxır və cavab gözləyirdi. Mən heç bir söz demədim. Nəhayət, miss Hanna Şümşad xanıma sarı çevrilərək: – Təbii bu gün gələ bilməyəcəyəm, – dedi. – Bir gün təyin edərik, ikimiz də gəlib sizin ailənizi ziyarət edərik. Şümşad xanım daha bir söz danışmadı. Əvvəlcə miss Hannanın, sonra da mənim əlimi sıxaraq ayrıldı. Əlimi sıxarkən onun gözlərimə kinlə baxdığını sezdim. O getdi, miss Hanna da onun dalınca: – Nə qədər gözəl və incə bir qadındır, – dedi. – Nəcibdir, tərbiyəlidir, munis və məşğuledici qadındır. Mən miss Hannaya sual verdim: – Sən onun evinə getmək istəyirsənmi? – Getmək olmaz? – Nə üçün olmaz? Madam ki, onun nəcib, namuslu, tərbiyəli olduğuna inanırsan, ona lazımınca etibar edirsən, qonaq getməyin nə zərəri vardır? – Sən icazə verirsənmi? Bu sualın cavabı haqqında çox düşündüm, nə cavab verə bilərdim? Mən nə kimi bəhanələrlə onun ora getməsinə mane ola bilərdim? Amerikalı qız, Rəfizadə və onun ətrafındakılarla tanış olduğu və onları birinci dəfə ziyafətə dəvət etdiyi zaman məndən məsləhət istəməmişdi. Bir tərəfdən də qızın Rəfizadə və Şümşad xanımla başladığı əlaqəsinin bu tezliklə qırılmasını istəmirdim, çünki mən şəxsən bu məsələyə diqqət verir və nəticəsilə də maraqlanırdım. Buna görə də məsuliyyəti boynumdan atmaq üçün dedim: – Zənnimcə, mənim icazəmə heç də lüzum yoxdur, çünki sən özün tərbiyəli bir qızsan, məsul bir işdə də çalışırsan. Özün bu tanışlığın səbəblərini, əhəmiyyətini, nə ilə nəticələnə biləcəyini ətraflı düşünməlisən. Miss Hanna gözlərini yerə dikib oturmuşdu. Dinləyirdi. Bir az sonra: – Mən sənin məsləhətin və razılığın olmadan heç bir iş görmək istəmirəm. Sənə xəbər vermədən bunlarla tanış olduğum üçün özümü müqəssir hesab edirəm, – dedi. – Onları mən dəvət etməmişdim. Rəfizadə özü mənə müraciət edərək ailəsini mənimlə tanış etmək istədi, axşam gələcəklərini xəbər verdi, mən rədd edə bilmədim. Məcbur olaraq təcili tədarük görməyə başladım və sənə də xəbər göndərdim. – Sən Rəfizadəni nə vaxtdan tanıyırsan? – Mən Təbrizə gələrkən onu Amerika konsulxanasında görmüşəm. – Rəfizadə haqqında sənin öz fikrin nədir? – Fikrim nə ola bilər?! O, şərqli bir ziyalıdır. Yalnız vəzifə işlərində o məndən asılıdır. Vəzifəsini gözəl ifa edir. Hər bir tapşırığı vaxtında yerinə yetirir. Bu onun zahiri simasıdır. Əlbəttə, bu tanışlıq dostluq şəkli aldıqdan sonra, onun həqiqi simasını da öyrənmək mümkün olacaqdır. – Onun səninlə əlaqəsi... Miss Hanna bu sualımdan qıpqırmızı kəsildi. Başını aşağı salıb durdu. Mən bu sualımın cavabını almağa tələsmirdim. Lakin o bunu söyləməkdə çətinlik çəkirdi. Bir az sonra o başını qaldırıb üzümə baxdı, onun utandığı aşkardı. – Rəfizadənin mənə qarşı əlaqəsi, əməkdaşlıq və tanışlıq çərçivəsindən çıxmışdır, – dedi. Bu sözdən mənim şübhələrim daha da artdı, onun əzab çəkməsi və utanmasına baxmayaraq, daha açıq bir sual verdim: – Səni sevirmi? – Sevir... – Sən bunu nədən bilirsən? – Bu onun bütün hərəkətindən məlumdur. Əlimi alanda çox gec buraxır, daima gözlərimə baxır. Sadə bir iş üçün tez-tez kabinəmə gəlir. O, bəzən məni danışmağa məcbur edərək dodaqlarıma baxır və daima məni gördükdə özünü itirmiş kimi olur, vücudu əsir. – Sənə heç bir söz söyləməzmi? – Nə üçün, söylər. Daima zarafat yolu ilə – kiçik xanım xeyir iş nə vaxt baş tutacaq? – deyərək gülər, iki kərə də belə bir sual vermişdir: qəlbiniz birinə bağlı olmasaydı, sizin uğrunuzda bütün varlığından keçməyə hazır olan bir nəfərə könül verə bilərdinizmi? – Sən onun cavabında nə söylədin? – Mən nə deyə bilərdim? – Yenə də? Sən onu cavabsızmı qoydun? – Yox!.. – Bəs nə üçün mənə demirsən? – Elə, demirəm... Qız bu sözü dedikdən sonra yanımdan durub qaçmaq istədikdə qolundan tutub saxladım: – Otur! Dedim. – Əcəba, sən Rəfizadəyə dediyin bir sözü mənə deməkdən utanırsan? – Utanmıram, lakin deməməyimə başqa bir səbəb vardır. Burada kişiləri bir az tənqid etmək lazım gəlir. – Mən ki, tənqiddən heç bir vaxt boyun qaçırmamışam. – Doğrudur. Qaçırmamışsan. – Bəs indi ki, doğrudur, sözünü nə üçün demək istəmirsən? – Yaxşı, deyərəm. – Nə vaxt? – Bir zaman! – Yox, indi deyəcəksən. Amma bir şərtlə! – Nə kimi şərtlə? – Şərt budur ki, haman sözün cavabını Rəfizadəyə nə cürə vermişsənsə eləcə də burada söyləyəsən. Miss Hanna əlacsız qalaraq dedi: – O mənə yanaşdı, səhər idi, işə yenicə başlayırdıq. Mən ona iki gün əvvəl hazırlamaq üçün bir iş vermişdim. İşi lazımınca düzəltmişdi, mən ona təşəkkür etmək üçün əlimi uzatdım, o mənim əlimi bərk-bərk tutdu, buraxmaq istəmirdi. Onun barmaqları titrəyirdi. Bu titrəyiş də mənə nə isə bir məsələni anlatmaq istəyirdi. O mənə bayaq dediyim sualı verən kimi əlimi əlindən çəkdim. Həm gülümsədim, həm də ondan çox acığım gəldi, onun üzünə acı bir gülüşlə baxaraq: – Ağıllı və ədəbli olunuz! – dedim. – Qəlbi, könlü heç kəsə vermək olmaz. Qəlbə girmək və ona yol tapmaq lazımdır! – Sonra? – Sonrası yoxdur. Daha bir söz danışmırdı, şübhəsizdir ki, qəlbə yol tapmaq çarəsini düşünürdü. Miss Hanna bunu söyləyərək utana-utana güldü. Daha heç bir söz danışmadı. Mən yenə də onun gözləri üstünə tökülən saçlarını barmaqlarımla yuxarı daradım və dedim: – Gözəl və səmimi qız! Yalnız Rəfizadə deyil, səni hər kəs sevə bilər. Özün bir düşün, səni sevməmək mümkündürmü? Mən səni təbrizli qadınlarla tanış olmaqdan məhrum etmirəm, sənə arkadaş və yoldaş lazımdır, çünki qadına məxsus bir çox söhbətlər vardır ki, o söhbətləri ancaq qadınlarla danışmaq mümkündür. Anlayıram, sənin dərdlərinə şərik olacaq heç bir kəsin yoxdur. Lakin yenə də məsləhət görürəm ki, Şümşad xanıma bir az da artıq diqqət et! Görək bu tanışlıq nə kimi bir nəticə verəcəkdir? Sən kişiləri tənqid edirsən, onlara qəlbə yol tapmağı da məsləhət görürsən, lakin sənin özün qəlbə yol tapmağı və ora daxil olmağı nəzərə almırsan. Mən yenə də təkrar edirəm ki, həyatda yanılan bir çox qızların bədbəxtliyinə səbəb özlərinin tələsmələri və qəlbə yol tapa bilməmələridir. Sən bilməlisən ki, ailə həyatına yol açıncaya qədər nə kimi dolaşıq yollardan keçmək lazımdır. Bu keçidlərdə dolaşıb qalmamaq və namusunun ətəyini çirkaba batırmamaq üçün qızların həddindən artıq diqqətli olması lazımdır. İnsan öz həmnövü haqqında bədbin olmamaqla bərabər, bunu da bilməlidir ki, nəzəri cəlb edən və içərisində cənnət rahəti duyulan saraylar və kaşanələrin bünövrəsində zəhərli ilanlar da tapıla bilər. Bir çox adamlar vardır ki, onlar insanları yaşıllıqları və əlvan çiçəklərilə əyləndirən, eyni zamanda qoynunda yırtıcılar bəsləyən meşələrə bənzər. Gözəl Hanna! Həyat hədsiz-hesabsız çala-çuxurlardan ibarətdir. Xüsusən gənc qızlar ayağını qoymaq istədiyi mövqeyi lazımınca öyrənməlidir. Təəssüf olsun ki, həyatın çala-çuxurlarına hamıdan əvvəl hissiyyata qapılan gənclər düşmüş olur. Həyatın küləkləri hamıdan əvvəl gənc yarpaqları zədələyir, çünki onlar həyat meydanına yeni atılır, onlar mühitin hadisələrinə qarşı mübarizə aparmaq üçün hələ özünü hazırlaya bilməmişdir. Gənclik gözünü yeni açmış və kiçik bir mühitdən geniş bir dünyaya atılmış körpə kimidir, hələlik o, insanların nəliyini təyin edə bilməmişdir. Körpələr odun yandırıcı olduğunu bilmədiyi kimi, gənclik də təbii və doğru sevgilərlə saxta və süni sevgiyə fərq qoya bilməkdən acizdir. Gənclər çox vaxt sevdikləri zaman gələcəklərini unudurlar. Mən zənn edirəm ki, sən bu dediyim gənclərdən deyilsən. Həyatı az-çox bilirsən. Xüsusən iki insanın arasındakı fərqləri təyin etməyi bacarırsan. Buna görə də özünə dost intixab etməkdə diqqətli olmalısan, çünki qızlıq hesabına buraxılan səhvi islah etmək çətindir. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. Bu dövr arzular, əməllərlə dolu olan bir dövrdür. Onu da bilməlidir ki, qızlığa məxsus olan bu dövrün hədsiz düşməni vardır. Hanna, sən bu dövrü elə keçirməyə çalış ki, bu dövrdən sənin gələcək həyatın üçün acı xatirələr qalmasın. Çünki bir insan nə qədər yaşayırsa-yaşasın, o yenə gəncliyi xatırlamağa məcburdur, buna görə də haman gəncliyini göz bəbəyin kimi müdafiə etməlisən. Sonra mən İrandan, İranda ehtiyatla dolanmaq lazım olduğundan danışdım. Sözlərim bir anda qızda dəyişiklik yaratmış kimi oldu. Onun qəlbinin qapıları mənim üzümə açıldı, o, əllərimi tutaraq böyük bir həyəcanla dedi: – Mən iranlıları sən dediyin kimi bilmirəm. Bəlkə, bunun başlıca səbəbi də sənsən, çünki iranlı dedikdə, gözümün qabağına sən gəlirsən. Hər bir iranlını sənin kimi mədəni, namuslu və alicənab hesab edirəm. İranlılar barəsində yalnız mən deyil, ümumiyyətlə, amerikalılar müsbət fikirdədir. Sən elə bilmə ki, bizim hökumətimiz çar istilasına soyuqqanlılıqla baxır. Mən bunu sənə inandığım üçün deyirəm. Amerika səfiri və Amerikanın Təbriz konsulu son hadisələri artıq diqqətlə təqib edir. Biz gündəlik hadisələri və çar konsulunun özbaşına hərəkətini hər gün Tehrana xəbər verməkdəyik. Amerikanın Təbriz konsulxanası bugünkü intibahnaməyə də böyük bir məna verməkdədir. Bu gün Tehrana vurulan teleqramda Təbriz inqilabının bitmədiyi və mübarizənin davam etdiyi göstərilir. Bugünkü intibahnamələr, sabiq şahın İrana gətirilməsi imkanını tamamilə azaldıb sıfır dərəcəsinə endirir. Mərkəzi İran hökumətinə təsir etmək üçün çar hökuməti əlində alət olan sabiq şah məsələsi puça çıxır. Bu intibahnamə göstərir ki, təbrizlilər Tehrandan ayrı deyildir, onlar da sabiq şahı qəbul etmək istəmirlər. Təəssüf ediləcək bir hal varsa, o da Təbrizdəki gizlin hərəkat komitəsilə olan rabitəsizlikdir. – Rabitə olduqda nə kimi işlər görə bilərdiniz? – Biz çar konsulunun bütün gizlin işlərini onlara verər və ifşa etdirərdik. – Bu iş nə kimi müsbət bir nəticə verə bilər? – Çar diplomatları İranın müstəqil yaşamağa qabil olmaması fikrini bütün dünyada intişar edir və əfkari-ümumiyyəni İran əleyhinə hazırlayır. İngiltərə Şərq ölkələrinə nə kimi şüarla girmişsə, çar istilaçıları da haman şüarla girir və vəhşilər içərisində mədəniyyət qurmaq iddiasında bulunurlar. Onlar daima mədəni insanlığı vəhşi asiyalılara qarşı müdafiə etmək şüarı ilə hərəkət edirlər. Siz özünüz iranlısınız. Bu barədə qeydə qalmalısınız. Hərgah gizlin hərəkat komitəsilə əlaqəyə girmək mümkün olsaydı, amerikalılar onlara maddi yardımda bulunardı. Mənim qıza bir saatdan bəri verdiyim nəsihət onun mənə daha artıq inanmasına və öz qəlbindəkiləri mənə söyləməsinə səbəb oldu. Lakin onunla açıq danışmaq və bir gizlin komitə nümayəndəsi kimi söhbətə girişmək mümkün deyildi. Qız bir diplomat kimi yox, bir inqilabçı kimi danışsa belə mən gizlin hərəkat nümayəndəsi olduğumu ona bildirməməli idim. Çünki mən indi onun bir alman tərəfdarı olduğundan da şübhələnirdim. – Hərgah Təbrizdə gizlin inqilab hərəkatını təşkil edən bir cəmiyyətin mövcud olduğuna inana bilsəydim, onların əcnəbi parası ilə işləmək istəmədiklərinə də inanardım, çünki əcnəbi parası ilə çalışan bir cəmiyyət əcnəbi mənafeyini müdafiə etməyə məcburdur. Sizin çar konsulxanası əsrarını onlara vermək istədiyinizə gəldikdə, burada gizlin komitə ilə rabitəyə girmədən də çalışa bilərsiniz. Çünki bu sirləri hər bir etimad etdiyiniz namuslu və sədaqətli bir iranlıya verə bilərsiniz. Bu sözlərdən sonra miss Hanna başını mənim çiynimə söykədi və kiçik əlini öpdürmək üçün dodaqlarıma uzatdığı zaman dedi: – Mən sənə inanıram. Hər bir sirri sənə verməyə hazıram. Səni də, sənin vətənini də sevirəm. Bu sözdən sonra dizim üzərində duran əlimin üstünə sanki iyul yağışının ilıq bir damcısı düşdü. Mən onu sakit edərək yenə də sual verdim: – Rəfizadədən əvvəl onun arvadı buraya gəlmişdimi? – Bir kərə gəlmişdir, – dedi. – Nə üçün gəlmişdi? – Gəlib tanış oldu, dedi ki, mən səninlə birlikdə çalışan Rəfizadənin arvadıyam. Təbrizdə bişirilən şirin çörəklər və şirniyyat da gətirmişdi. – Bunların hamısı öz yerində, ancaq mənə danışdığınız sözləri təfsilən bilmək lazımdır. – Orası mümkündür. Lakin yalnız iki qadın arasında danışıla bilən bəzi söhbətlər vardır ki, onu başqasının yanında danışmaq ədəbsizlikdir. – Mən sənin tərbiyəli olduğuna inanıram. Sən heç vaxt gündəlik həyatının tarixini məndən gizlətmə, o sənin mənfəətindir. Başla görüm, gözəl qız! Qız sözünü belə başladı: – Şümşad xanım gələndən bir saat sonra mən onu götürüb otaqları gəzdirdim və o mənim çarpayımın yanında vurulan sənin şəklinə baxaraq soruşdu: – Bu oğlan kimdir? – Mənim tanışım və inanılmış dostumdur, – dedim. – Tanış var, tanış var. Tanış var ki, səlaməleykum deyərlər, tanış var can qurban edərlər, mənə de görüm o bunların hansındandır? – Mən dedim ki, onun yolunda hər fədakarlığa hazıram. – Sən ona arvad olmağı istərsənmi? – Nə üçün istəmərəm? – Bəs nə üçün getmirsən? – Ərə getmək qonaq getmək deyil ki, qapını açıb içəri girəsən. Bu işdə, evə girməkdən əvvəl, qəlbə girmək lazımdır. Daha açığı iki ürəkdən bir ürək düzəltmək, xasiyyətləri birləşdirmək gərəkdir, – dedim. Şümşad xanım: – Bəs sən bu yekəlikdə, bu gözəllikdə bir qız ola-ola hələ qəlbə girməyi bacarmırsanmı? – soruşdu. – Bağlı qapını açıb içəri girmək... – Sən gözləyirsən ki, o desin ki, gəl gir mənim qəlbimə? Heç bu olan işdirmi? – Mən nə edə bilərəm? – deyə soruşdum. – Məgər sən nə etməyi bacarmırsanmı? – Xeyr! – dedim. O: – Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır! – dedi. – Mən onu bacarmıram! – Sən onun özünə təklif etdinmi? – Dilim ilə təklif etməmişəm. Lakin hərəkətimlə bildirmişəm, – dedim. – Bəs o nə deyir? – Qəti bir söz deməmiş. – O səni sevir, ya yox? – Bəlkə də, sevir, – dedim, – çox ədəblidir, mənə etdiyi hörmət sadə hörmət deyil. Mən o hörmətlərin bir sevgi nəticəsi olduğunu hiss edirəm. O: – Sən onda sevgi nişanələrini yoxlaya bilməmişsənmi? – soruşdu. – Yox, onu mən nə cür yoxlamalıyam? – O sənə yaxın gəldikdə, səni qucaqladıqda, sənin üzündən öpdükdə titrəyir və ürəyi bərk döyünürmü? – Elə işlər bizim aramızda yoxdur, o çox vüqarlı və namusludur. Onun əlləri, ancaq mənim saçlarıma toxunur. Bununla da mən hər şeyi unuduram. – Mən də sənin kimi idim, – dedi. – Mən də bir oğlanı sevirdim. Məni ata-anam ona vermədi, götürüb sevmədiyim bir adama vermək istədilər. Allaha min şükür olsun ki, o inqilabçı çıxdı, dəvəçilərlə Səttar xanın davasında vurub öldürdülər, yaxam qurtardı. Mən Rəfizadəni sevib getmişəm. O, əvvəl məni sevmirdi, axırda sevməyə məcbur oldu. Mən ondan: – Nə vasitə ilə məcbur elədin? – deyə soruşdum. – Dua vasitəsilə! Çər qızı Gülsümün vasitəsilə. Dua yazırdım, nə ki lazımdır tapşırdı, necə ki, demişdi yerinə yetirdim. İndi onun özü düşüb dalımca gəzir, məni gözdən qoymur. Mən ona dedim: – Nə eybi vardır, bir dua da mənim üçün yazsın, bunun üçün nə lazımdır? Şümşad xanım cavab verdi: – Əvvələ 15 tümən pul lazımdır. Sonra oğlanın tüklərindən bir neçəsini qopardıb aparmaq, oğlanın dəsmalını götürüb dua oxutdurub yenə də onun cibinə qoymaq lazımdır. Kişilər beladır. Nə qədər ki, onu sevirsən, nə qədər ki, onun üçün yaşamaq istəyirsən, qəlbini onun ayaqları altına atırsan, and içir və and verirsən, gecələr onun düşüncəsilə yatır və bunu onun özünə də deyirsən, daha o səni sevməz olur, sənin dalınca düşmür, dərdini çəkmir. Kişiləri qısqandırmaq, onların qabağına başqa bir müştəri qoymaq lazımdır. Elə olsun ki, o sənin başqa birisilə tanış olduğunu və başqasının sənə müştəri çıxdığını bilsin. O zaman kölgən kimi dalınca gəzəcək və gəlib-getməkdən qapının kandarını dağıdacaq. Hər vaxt küçəyə çıxsan, onu qapıda görəcəksən, sən ona qarşı soyuqluq göstərdikcə onun hissinin gücü və hərarəti şiddət edəcək, o səni daha artıq sevəcəkdir. Mən Şümşad xanımın bu fəlsəfəsinə etiraz edib dedim: – Bunların heç biri mənim əlimdən gəlməz. Onunla mənim aramdakı dostanə əlaqə sən dediyin işlərdən çox uzaqdır. * * * Nizamüddövlə bağında Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi. Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi. «Möhtərəm və əziz dostum! Bu gün öz xanımınızla general-konsulun şərəfinə təşkil etdiyimiz ziyafətə təşrif gətirməyiniz rica olunur. Bu gün saat ikidə təşrifinizin müntəziriyəm. Xeyirxahınız Səməd». Mahmud xan qəlyan çəkirdi. Ondan Hacı Səmədxanın səhhətini soruşdum. – Həzrət Əşrəfin səhhəti yerindədirmi? – Allaha çox şükür, həzrət Əşrəf özünü yaxşı hiss edir. Cənab ağaya bunu da ərz etməliyəm ki, həzrət Əşrəfin ağaya Təbrizdə heç kəsə olmayan bir məhəbbəti var. O, həmişə buyurur ki, Əbülhəsən xan kimi adamlar, bizim fəxrimizdir. Mən buna cavab olaraq: – Həzrət Əşrəfin vücudu isə yalnız mənim deyil, bütün Azərbaycan xalqının başının tacıdır! – dedim. O, qəlyanı buraxıb qalxdı, vidalaşırkən mənə sual verdi: – Faytonu buramı göndərməliyik? – Zəhmətə lüzum yoxdur. Öz faytonumuz vardır. – Orası müəyyən. Lakin həzrət Əşrəfin fatonunda ziyafətə getmək böyük bir şərəfdir. Həzrət Əşrəf bu imtiyazı ancaq bir neçə qonağa vermişdir. Faytonun öz yaşadığım evə göndərilməsini sözləşdik. Mahmud xan getdikdən sonra mən bu ziyafət haqqında uzun-uzadı düşündüm: bu ziyafətdə Təbrizdə olan bütün diplomatik korpus iştirak edəcəkdi. Burada ancaq saxta təriflər eşidəcək və çirkin təzimlər, təmməllüq və riyakarlıqlar görəcəyik. Burada, bəlkə də, biz işimiz üçün yararlı heç bir şey öyrənə bilməyəcəyik. Bunların hamısı ilə bərabər bu ziyafətə getməmək olmazdı. Məncə, Səmədxanla görüşmək və onun buraxılan intibahnamələrdən nə kimi təsir aldığını öyrənmək lazım idi. Ninanı da xəbərdar etməli idim, hərgah bu ziyafətə getmək istəyirsə hazırlanmasını tapşırmalı idim. Mən onun xəstələndiyini hələ otağa girməmiş bildim. Təhminə xanım balkonda mənə təsadüf etdiyi zaman «Qız xəstədir, işə getməmişdir» – dedi. Mən icazə alaraq onun yataq otağına girdim. O məni görürkən «otur» dedi. Doğrudan da, onun hərarəti vardı. Özünü yaxşı hiss etmirdi. Buna baxmayaraq, Məcid ona dinclik vermirdi. O, yenə də qamış atını minib Maralan səngərlərinə hücum edir və Ninanı «İrəli! İrəli!» deməyə məcbur edirdi. Mən kürsünü qoyub onun çarpayısının yanında oturdum, saçlarını qaldırıb əlimi alnına qoydum; başındakı hərarət əllərimi istiləndirdi. Mən onun bu xəstəliyinin səbəbini bilirdim, o daima əsəbiləşdiyi zaman xəstələnirdi. Onu Səmədxanın əmisi oğlu Mahmud xan rahat buraxmırdı, o, Hacı Səmədxan və çar konsulunun mənə nisbət yaxın əlaqəsini nəzərə almayaraq, yenə də üzərində mənim himayəm olan bir qızdan əl çəkmir və onu ələ gətirməyə çalışırdı. Nina balışının altından bir neçə kağız götürüb mənə verdi. Kağızların birisi Peterburqdan, xariciyyə nəzarətindən Təbriz konsuluna gələn gizli bir teleqramın surəti idi. «Xariciyyə nəzarətindən Təbriz general-konsuluna № 867, 14 may Rica edirəm şifrəni özünüz açasınız. Əbdürrəzzaqbəy gəldi. O, bizdən maaş alır. Onun Təbrizə gəlməkdə məqsədi Şücaüddövlə ilə yaxınlaşmaqdır. Bununla da o, İran təbəəliyinə daxil olmaq və idarəedici bir xidmətə girmək istəyir. Ayıq olmaq lazımdır. Oradan türklərə qarşı heç bir çıxışda bulunmayın. Əbdürrəzzaqbəyin konsulxana ilə heç bir açıq əlaqəsi olmamalıdır. Təfsilat poçta ilə. Klemm». Nina mənə bir sual verdi: – Belə teleqramların bizim üçün bir əhəmiyyəti vardırmı? – Əlbəttə, vardır. – Nə kimi? – Dövlətlər dünya müharibəsinə hazırlaşır, çar hökuməti Türkiyə hüdudunda hazırlıq aparır. Heç şübhə yoxdur ki, İran xalqını da çəkib bu qanlı macəraya salmağa çalışacaqdırlar. Çar hökuməti bütün macəraçıları səfərbərliyə alır. Əbdürrəzzaqbəy də onlardan birisidir. – Əbdürrəzzaqbəy kimdir? – Əbdürrəzzaqbəy 30 ildən bəri Türkiyəyə qarşı bir çox qanlı oyunlar oynayan və əcnəbi təhriki ilə öz vətəninə xəyanət edən bir canidir. O vaxtı ilə İstanbul şəhər komandanı Rizvan paşanı öldürmüş və İstanbuldan qaçmışdır. Onu bütün Türkiyə tanıyır, Bətlis vilayəti kürdlərindən Bədrxanpaşazadə familiyası ilə məşhur bir xaindir. Prins Səbahəddinin təşkil etdiyi «Ədəmi-Mərkəziyyət» partiyasına daxil olmuş və əcnəbi parası ilə yaşamışdır. İndisə çar Rusiyasının qucağına atılaraq ölkəsinə son bir xəyanəti etməyə başlamışdır. Belalərini ifşa etmək hər halda faydadan xali deyildir. Çar hökumətinin cahangirlik siyasətinə əngəl törətmək və onun dünya müharibəsinə hazırlaşdığını kütlələrə bildirmək təxir qəbul etməz bir vəzifədir. İkinci kağızı açdım. Bu kağız Urmi konsulundan xariciyyə nəzarətinə vurulmuş bir teleqramın surəti idi. «Urmi viti-konsulundan xariciyyə nəzarətinə teleqram № 175, aprel 11. Surəti Tehrana. Şeyx Bərzani dünən gündüz mənimlə görüşdü. O rica edir ki: Rusiya hökuməti onu öz himayəsinə alsın, bununla da, o hər yerdə və hər işdə Rusiya hökumətinin göstərişlərinə tabe olacaqdır. Onun ailəsinin Urmi rayonunda yerləşdirilməsinə imkan verilsin. O, Rusiyanın Ravanduz rayonunda olan bütün arzularının həyata keçirilməsini öhdəsinə götürür. O öz ailəsini Urmi rayonunda yerləşdirdikdən sonra Ravanduz rayonuna qayıdaraq Türkiyə hökumətinə qarşı mübarizə aparacaqdır. Mən xariciyyə nəzarətinin əmrinə görə, onu gizlincə himayə edirəm. Ona heç bir vəsiqə verməmişəm. O, vəsiqə almaq barəsində bir çox təkidlərdə bulundusa da mən qəbul etmədim. V. Vgenski». Başqa bir teleqram da var idi ki, Nina bu teleqramı yubandırmış və vaxtında gətirməmişdi. «Xariciyyə nəzarətinin Şərq şöbəsi müdiri Klemmdən Qafqaz canişini Vorontsov-Daşkova 177 nömrəli iş ilə 262 nömrəli məktub. Təbriz konsuluna. Əbdürrəzzaqbəyin Tiflisə gəlmək xəbəri verilir. Əbdürrəzzaqbəyə ayda üç yüz manat maaş təxsis edilmişdir. O, gərək Təbrizdə yerləşsin. Onun məqsədi erməni-kürd birliyi yaratmaqdır. Onu mümkün olduqca İran təbəəliyinə keçirmək lazımdır. Onun İrana keçməsi üçün hər cür təşəbbüsdə bulunmalısınız. Klemm». Teleqramları oxuyub bitirdikdən sonra Hacı Səmədxanın yazdığı dəvətnaməni göstərdim, bu ziyafətə getməyin lazım olduğunu söylədim. O, bir kərə: – Getməyəcəyəm! – dedi. – Nə üçün? Xəstə olduğuna baxmayaraq, yenə də getmək lazımdır. Biz onlardan bacardıqca istifadə etməliyik. Sən gördün ki, ölüm qorxusu qarşısında duran yüzlərcə mücahidi onların vasitəsilə Təbrizdən qaçıra bildik. Nina yenə də: – Getməyəcəyəm! – dedi. – Mən Mahmud xanın üzünü görmək istəmirəm. Onun fikri başqadır, hər dəfə məni gördükdə təklifdə bulunur və sənin həyatını təhdid edir. Getmirəm, qoy o məni görməsin. Mən ona nə qədər nəsihət etdim və Mahmud xanın bir iş görə bilməyəcəyini söylədimsə də, yenə o bircə sözlə: – Getməyəcəyəm! – dedi. * * * Saat ikinin yarısında, fayton qapıda dayandı, Mahmud xanın özü də bizi müşayiət üçün başqa bir faytonda oturub gəlmişdi. O, Ninanın xəstə olduğunu eşitdiyi zaman rəngi dəyişdi və gözlərindən məhrumiyyət əlamətləri sezilməyə başladı. O: – Xanımın xəstəliyi çox təəssüf ediləcək bir haldır, – dedi. Mən heç də cavab vermədim. Faytonda gedərkən, Mahmud xanla nə cür hesablaşa biləcəyimi düşünürdüm, çünki bizim ikimizdən birimiz Təbrizdə qalmalı idik. Hər halda bu düşüncə məni əzirdi, nə qədər düşünürdümsə müəyyən bir qərara gələ bilmirdim. Saat üçə beş dəqiqə işləmiş fayton Nizamüddövlə bağına daxil oldu. Mən faytondan düşərkən, konsulxana faytonları da gəldi. Faytonun birində konsul və arvadı, o birində isə qızları Olqa və Nadejda oturmuşdu. Bağa birlikdə daxil olduq. Qabaqca konsul, arvadı və mən, dalımızca Olqa və Nadejda gəlirdi. Mən birinci sözümdə Ninanın xəstələndiyi və ziyafətə gələ bilmədiyini xəbər verdim. Hacı Səmədxan hazır olan qonaqlarla bərabər balkonda durub çar konsulu və ailəsinin yolunu gözləyirdi. Çar qubernatoru, çar konsulunu şad və gülər bir üzlə qəbul etdi. Lakin onun halı özündə deyildi: bığları həddindən artıq aşağı düşmüşdü. Oradakılar tanış olduğumuz adamlar, Xoy konsulu Çerkov, Maku konsulu Olferov, Urmi hakimi Etimadüddövlə və iki nəfər də bu vaxta kimi görmədiyim şəxs idi. Mən tanımadığım qonaqlara təqdim olunduğum zaman Hacı Səmədxan: – Bunlar da mənim səmimi dostlarımdır, – dedi. Diplomatik korpus nümayəndələri hələ gəlməmişdi. Biz balaca dəstələrə ayrılaraq gəzdiyimiz zaman İngiltərə, Almaniya, Amerika və Fransa konsulları da gəldi. Mən Səmədxanın sağ tərəfində durmuşdum. Çünki onun çar konsulu ilə bütün söhbətlərini ruscaya mən tərcümə edirdim. Buna görə Səmədxan məni diplomatik korpus nümayəndələrinə təqdim edərkən: – Şəhərimizin möhtərəm tacirlərindən Əbülhəsən xandır, – deyirdi. O məni miss Hannaya da bu sözlərlə təqdim etdikdə, qız doğrudan mənimlə indicə tanış olurmuş kimi, – Hanna – deyə, əlimi sıxdı. Miss Hanna, konsulun qızları, İngiltərə konsulunun arvadı və Amerika konsulxanasının baş katibi Friksonun arvadı Sara və başqalarına qoşulub bağa endi. Sərdar Rəşid də öz arvadı İraida xanımla gəldi. İraida əvvəlcə Ninanı soruşdu və xəstələndiyini eşitdikdə, qəmgin olduğunu süni bir surətdə söylədi. Çar konsulu yumşaq bir divanın üzərində oturub mənim tanımadığım iki nəfərlə danışırdı. Mən diqqət etdikdə onların Əbdürrəzzaqbəy və Şeyx Bərzan olduğunu təxmin etdim, çünki Urmi və Xoy konsulları da onlarla tez-tez danışır və qulaqlaşırdı. Mən və Hacı Səmədxan kiçik, girdə bir stolun başında oturmuşduq: konsullar isə gəzir, çay içir və bufetin ətrafında dolaşır, konyak içirdilər. Hacı Səmədxana qəlyan gətirdilər. Qəlyana dərin bir nəfəs vurdu, tüstüsünü burnundan çıxardı. Başını mənə yaxınlaşdıraraq: – Ağa, bu gördüklərimiz hamısı bizə əğyandır, – dedi, – yalnız cənabınız, bir də bəndə, bu bədbəxt məmləkətin evladıyıq. Bizdən başqa da bu məmləkətin qeydinə qalan yoxdur. Ağa, zamani ki, öz məmləkətimiz saxlaya bilmirik, zamanı ki, bizim qüvvətimiz yoxdur, zamani ki, Rusiya dövləti bəhiyəsi bizə qonşuluq əlini uzadır və dostluq vəzifəsiri yerinə yetirir, bizim məmləkətimizdə sakitlik düzəldir, biz nə üçün bundan razı qalmayaq? İmperator hökumətinə nə üçün təşəkkür etməyək? Lakin bizim cahil xalqımız bunu anlamır. Onların cahil hərəkətləri imperator hökumətinin bizdən rəncidə olmasına səbəb olur. Ağa, sizin başınıza and içirəm ki, bizim bu camaat öz xeyir-şərini anlamır. Mən ömrümün axır vaxtlarında öz vətənimə bir yaxşılıq etmək istəyirəm, amma bu haramzadalar qoymur. Ağa, siz heç bilirsiniz ki, o divara yapışdırılan şəbnamələr bizə nə qədər zərər vurur? Siz bilirsiniz ki, şəbnamələr mənim başımı nə qədər aşağı elədi? Cənab ağa! Siz bu avam xalqı başa sala bilməzsiniz? Mən gecə-gündüz düşünürəm, bu Kufə camaatına təzə həyat düzəltmək istəyirəm, xoşbaxtlıq verməyə çalışıram, nəticədə bu haramzadalar bizim sağ əlimiz olan Mirzə Rza pişnamaza təhdid kağızı yazıb Təbrizdən qaçaq saldılar. Buna nə məna vermək olar? Bunlar nə istəyirlər? Kişi əhli-əyalını da götürüb Kirmənşah şəhərinə qaçıbdır. Cənab ağa, bu xəyanətlərin üstü açılsın gərək, bu da tək mənim işim deyil, namuslu vətən əhlinin işidir. Sizin yeznəniz sərdar Rəşid də gərək mənə kömək versin, o da bu işlərə gözünün yanı ilə baxır. Pul lazımdırsa, verək, adamlar təyin etmək lazımdırsa, təyin edək, hər nə cür olsa da bu xəyanətin üstünü açaq, görək ki, bizim məmləkətin düşməni kimdir? Mən ona ürək verərək: – Siz heç də rahətsiz olmayın, – dedim, – Bəndə bu barədə həzrət Əşrəflə xüsusi söhbət etmək istəyirdim. Öz xidmətimi təklif edəcəkdim, indi ki, həzrət Əşrəfin özü bu barədə sözbət açdı, bəndə deməliyəm ki, bu barədə uzun danışmalıyıq. Gərək bu xəyanətin üstünü açaq. Təəssüf olsun ki, bu ziyafətdə uzun danışmaq mümkün deyildir. Səmədxan qəlyanın qəmişini ağzından çıxarıb dedi: – A bərəkallah! Milli namusunuza qurban, sabah gecə təşrif gətirin, heç kəsi də qəbul etməyəcəyəm, müfəssəl söhbət edərik. Hacı Səmədxan qəlyana dərin bir nəfəs daha vurdu və sonra məndə «türklük namusunun» oyanmasına çalışdı. Bu söhbətlərində Azərbaycanın gələcəyi haqqındakı düşüncəsini və xalqı bu düşüncə ətrafında toplamaq üçün qurduğu hiylələrini tamamilə meydana qoydu. – Ağa, siz bildiniz ki, bu Rəşt, Mazandaran və Bəxtiyar quldurları nə üçün Məhəmmədəlinin taxtından düşməsinə çalışdılar? – Xeyr! – deyə cavab verdim, – o barədə heç bir şey düşünməmişəm. – Ağa, biz hər şeyi bilirik, lakin camaatımız mənim Məhəmmədəli şahı İrana gətirmək istədiyimin mənasını bilmir, özüm də açığını deyə bilmirəm. Demək olmaz, necə də deyəsən? Əsl məsələ burasındadır ki, fars xalqı gözünü açmağa və öz qiymətini anlamağa başlamış: onlar artıq türk hökmdarlarının əlindən qurtarmaq və farslardan bir nəfəri padşah qoymaq istəyir. Bəxtiyarlarla gilanlılar bunun üçün də ittifaq edib. Məhəmmədəli şahı padşahlıq taxtından düşürdü. Bizim cahil təbrizlilər də buna kömək elədi. Mən sizə bunu həqiqətən ərz edirəm. Bu saatda İranda fars-türk davasıdır. Məşrutə-filan yalandır. Bunu təbrizli anlamır. Mən ölsəm də siz bunu görəcəksiniz, Məhəmmədəli şahın oğlunu da taxta və taca sahib olmağa qoymayacaqlar. Siz bu işin boşunu tutsanız bir gün görəcəksiniz ki, İran taxtına bir nəfər fars oturmuşdur. Bunun üçün də nə qədər ki, ingilis və rus hökuməti kömək verir, nə qədər fürsət vardır, gərək Məhəmmədəli şahı İrana gətirək. Hərgah Məhəmmədəli yaramır, zalımdır, iş bacarmır, başqa bir türkü tapıb səltənətə qoya bilmərikmi? Təbrizlilərdə hərgah türklük namusu varsa buyurub mənə açıqca desinlər. Onlar görür ki, Tehranda dörd-beş nəfər lotu sədr əzəmliyi öz aralarında növbətə qoyub cavan şahı əllərində alət qayırmaqdadırlar. Biz azərbaycanlılar nə vaxta qədər Azərbaycan kəndlisinin dərisini soyub Tehranda oturan beş-on nəfər fars tiryək çəkənlərinə yedirəcəyik! Hərgah belə olacaqsa, hərgah təbrizlilər buna razı deyilsə buyurub ittifaq eləsinlər, mənə desinlər, mən sabahın özündə Azərbaycanı İrandan ayırım. Hacı Səmədxan bir neçə dəqiqəlik söhbətində öz həqiqi məqsədini mənə anlatmış oldu. Onun dediyinə görə, İranda fars-türk ixtilafı yaratmaq və xalqları bir-birinə saldırmaq olsa da, Məhəmmədəlini İrana gətirmək lazım imiş. Bağda gəzməkdə olan qonaqlar qayıtdı. Bizim söhbətimiz kəsildi. Hacı Səmədxan Azərbaycanı mərkəzdən ayırıb, özü başda olmaq üzrə müstəqil bir dövlət yaratmaq istədiyi fikrini mənə tamamilə və aydın söyləyə bilmədi. Miss Hanna bağdan qayıdaraq mənim yanımdan keçərkən: – Həzrət Əşrəfin bağı olduqca səfalıdır, – dedi, – nə üçün gəzmədiniz? Mən ayağa qalxıb ikinci kərə onun əlini sıxdım, onu həzrət Əşrəflə ikinci kərə tanış elədim və: – Bu xanımla biz yol arkadaşlığında bulunduq, – dedim, – çox alim və oxumuş bir qızdır. Həzrət Əşrəf onun əlini sıxdı, onu öz yanında əyləşdirdi, mən də onunla tanış olmağımızın tarixini qısa bir surətdə həzrət Əşrəfə söylədim. Hacı Səmədxan bu söhbətimdən də məmnun qalaraq dedi: – Mən çox şad oluram ki, bizim sizin kimi mədəni vətəndaşlarımız vardır və hər yerdə başımızı uca edirsiniz. Miss Hanna icazə alıb qalxdı, yenə də öz dəstəsinə qoşuldu. Bundan sonra konsul biz oturan stola yanaşıb əyləşdi, əyləşən kimi də Hacı Səmədxan intibahnamə məsələsinə keçərək: – Cənab ağa ilə şəbnamə məsələlərini danışdıq, – dedi, – görünür ki, bu məsələ cənab ağaya da təsir bağışlamışdır. Bu barədə özü də bizimlə danışmaq istəyirmiş. Konsul buna cavab olaraq dedi: – Mən sizin namuslu bir iranlı olduğunuza əminəm. Nina xanım bu barədə məni əmin etmişdir. Siz gərək həzrət Əşrəf kimi namuslu vücudları müdafiə edəsiniz, bunlar sizin vətəniniz üçün lazımdır. Sizin bu barədəki fəaliyyətiniz imperator hökuməti tərəfindən qeyd və təqdir ediləcək bir xidmətdir. Mən: – Bütün buyurduqlarınız bizim müqəddəs vəzifəmizdir, – dedim, – ümid edirəm ki, bu xəyanətlərin üstünü açacayıq, bəzi cahillərin xəyanətinə nəhayət verə biləcəyik. Süfrəyə əyləşmək vaxtı idi. Süfrə Avropa üsulunda düzəlmişdi: qonaqların hər birisi üçün yer təyin edilmiş, hər kəsin adı yazılıb qarşısında qoyulan piyalənin içinə qoyulmuşdu. Hacı Səmədxan birinci piyaləni, ümumiyyətlə, qonaqların şərəfinə qaldırdı. Süfrənin bəyliyi (tamadalıq) əksəriyyət səslə çar konsuluna tapşırıldı. Hacı Səmədxanın mühüm vəzifə başında durduğu, İngiltərə–Rusiyanın «İranın istiqlaliyyətini» müdafiə etdiyini uzun və aldadıcı cümlələrlə söylədi. Diplomat dilləri işə düşdü. Konsulların hər birisi tülkücəsinə danışdı. Qadınların, qonaqların, xüsusən mənim şərəfimə də ziyalı və namuslu bir iranlı olduğum münasibəti ilə piyalələr qaldırıldı. Konsul Hacı Səmədxana müraciətlə: – Həşəmətli cənab, vaxt deyilmi? – deyə soruşduqda, o: – Bəli, cənab general, vaxtdır! – deyə cavab verdi və arxa tərəfdə duran xidmətçiyə yavaşdan bir söz dedi. Xidmətçi getdi, üç-dörd dəqiqədən sonra, bir musiqi ansamblı içəri girdi. Bu anmablı iki tarçı, iki kamançaçalan, iki violençel, bir santurun, iki neyçalan, bir dəf, bir dünbək və bir də royalçalan olmaq üzrə on iki nəfər gözəl və gənc qız təşkil edirdi. Onlar salonun başında düzəlmiş səhnədə yerləşdikdən sonra, Avropa qiyafəsində olan gənc bir qız qalxaraq farsca elan etdi: – Ansambl çalacaq dəramədi-şur. Şur dəsgahını Fərəhəngiz xanım oxuyacaq. Şur dəsgahı yarım saatdan artıq davam etdi. Şurun təsnifini isə Qəmərliqa xanımla Fərəhəngiz xanım oxudu. Oxunan şirvanlı Xaqaninin şeiri idi. Fərəhəngiz xanım oxuduğu zaman, Mahmud xan da miss Hannanın yanında oturub onunla danışırdı. Nəhayət, miss Hanna oradan qalxıb mənim yanımdakı boş kürsüdə əyləşdi. O, bütün varlığı ilə Şur musiqisinin bədii zövqləri içərisinə dalmışdı. Miss Hanna Şərq hekayələrində oxuduğu əski Bağdadı mənə xatırladaraq: – Şərqə aid romanların fantaziyadan ibarət olduğunu düşünməkdə səhv edirmişəm. Mən hazırda özümü romanlarda oxuduğum Bağdad xanəndələrinin qarşısında görürəm, – dedikdə mən: – İran musiqisi ümumi Şərq musiqisi sənətilə müqayisəedilməz bir sənətdir, – dedim, – çünki iranlılar öz qonşularından aldığı bütün adətləri iranlılaşdırdığı kimi, musiqini də iranlılaşdırmışdır. Onlar ərəblərdən aldığı əruzdan rübai vəznini yaratdı. Musiqi də belədir! Qəbilələrin və səhraların yaratdığı ərəb musiqisi, sonralar Bağdad saraylarının zövqünü oxşamağa başlamışdır. İran ərəblər tərəfindən istila edildikdən sonra həmin musiqi İrana keçərək İran aristokratiyasının zövqü ilə uyğunlaşmaq üçün ciddi islahata və əsaslı təbəddülata məruz qalmış, müstəqil İran musiqisi olmuşdur... Buna görə də İranda Şərq musiqi alətləri işə keçməməyə başlamışdır. İranlılar ərəblərin Avropa musiqi alətlərinə bənzəyən girişli musiqi alətlərinin yerinə, simli musiqi aləti: tar və kamança işlətməyi dəb salmışlar. Çalğı bitdi. Sonra qadınlar və kişilər başqa bir otağa keçdi. Otaqda içkilər, meyvələr qoyulan stollardan əlavə, qumar üçün də xüsusi stollar qoyulmuşdu. Qumar başlandıqda, Hacı Səmədxan Mahmud xana müraciətlə: – İqbalüssultana xəbər göndərilmişmi? – dedi. – Göndərilmişdir. İndicə gələcəkdir. Fayton çoxdan gedibdir. Qumar məclisi qızışdı, az keçmədən İqbalüssultan Əbülhəsənxan gəldi. Öz tarçısı Ələkbərxan Şahnazı ilə onlar üçün qoyulmuş stulda oturdular. Hacı Səmədxan oxuyan və çalanı məclisdəkilərə təqdim etdisə də, heç kəs onların əlini sıxmadı, yalnız mən və amerikalı qız qalxıb onlara yanaşdıq və əllərini sıxdıq. Miss Hanna Əbülhəsənxana müraciətlə: – Mən sizi eşitmişəm, burada tanış olduğum üçün həddindən artıq şadam, – dedi. Əbülhəsənxan oxudu, lakin hamının başı qumara məşğul olduğundan məndən və amerikalı qızdan başqa ona heç kəs qulaq asmırdı. Hacı Səmədxan qəsdən çar konsuluna xeyli pul uduzdu. Mən bir neçə dəqiqə xana qulaq asdıqdan sonra balkona çıxdım. İraida ilə Mahmud xanın yavaşdan danışdığını eşitdim. Danışığını tamam olmasa belə İraidanın: – Nina özbaşına deyil, onun sərdar Rəşid kimi yeznəsi var! – dediyini eşitdim. Məsələ aydın idi. Mahmud xan Ninanı sevir və onu ələ gətirmək istəyirdi. İraidaya gəldikdə, o, əvvəldən də Ninanın mənə bağlanmasından razı deyildi. O, Ninanın böyük bir mənsəb sahibi olan iranlıya ərə getməsini lazım bilirdi. Mahmud xan da kiçik adam deyildi. O, Təbrizdə ikinci Səmədxan idi. Mən bu sözləri eşidib içəri qayıtdım, onlar da mənim dalımca içəri girdilər. Mən məsələnin nə yerdə olduğunu hiss etməmiş deyildim, çünki İraidanın Mahmud xanı konsul ailəsilə tanış etdiyini, hətta onun səmimi bir zat olduğunu söylədiyini də eşitmişdim. Nə isə əhəmiyyət vermədim, çünki mən Ninadan arxayın idim. Buna baxmayaraq, Mahmud xanın qorxulu bir düşmən olduğunu da yadımdan çıxarmırdım. Qumar məclisi axıra çatırdı. Artıq Əbülhəsənxan oxumurdu, onun qarşısında bir stəkan çay var idi, o, çayı qarışdırıb düşünürdü. Məncə, o böyük sətənkar özünə əhəmiyyət verilmədiyindən incimişdi, o, bunda haqlı idi. Əliqərə adlı birisi Hacı Səmədxan göndərdiyi 25 tümənlik paranı bir kisədə gətirib Əbülhəsənxan və Ələkbərxan Şahnazının qabağına qoyduğu zaman, xidmətçi də gəlib çay stəkanını götürmək üzrə idi. Əbülhəsənxan qarşısına qoyulan 25 tüməni çay verən xidmətçiyə bağışladı və vidalaşıb getdi. Mən də, amerikalı qız da bu şərəfli sətənkardan razı qaldıq. * * * Şümşad xanım Bir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı. Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi. Buna görə də Mahmud xanla başlayacağım mübarizədə yalnız özümə və öz qüvvətimə güvənə biləcəkdim. Amerikalı qızın ətrafında gedən oyun da məni az düşündürmürdü. Rəfizadə burada məni öyrənməkmi istəyirdi, yoxsa qız ilə mənim əlaqəmi təyin etmək fikri vardı? Cavabını tapa bilmədiyim bu suallar məni yorurdu. Hər halda bunların qızı öz yolundan sapdırmaq istədiyi və əxlaqını pozmağa çalışdığı, onu satmaq niyyətində olduqları fikri həqiqətə daha yaxındı. Nə olursa-olsun, bu həqiqəti axırına qədər öyrənmək qərarına gəlmişdim. O vaxtdan sonra miss Hannanın evinə gedərkən Şümşad xanımı orada görmədiyim gün yadıma gəlmir. Hələlik bu haqda yoldaşlarla danışmamışdım, çünki məsələ tamamilə yetişməmiş, hələ hadisə lazımınca inkişaf etməmişdi. Amerikalı qıza gəldikdə isə o mənim uzun-uzadı nəsihətlərimə baxmayaraq, yenə də öz şübhəli qonaqlarına hüsni-qəbul və hüsnirəğbət göstərməkdən vaz keçmirdi. Bu gün mən onun yanına getdim, dediyinə görə o, Şümşad xanımı gözləyirdi. Nədənsə Şümşad xanım bu gün verdiyi vədənin xilafına olaraq axşam saat səkkizdə gəlib çıxdı. O gəlincəyə qədər biz, ancaq Səmədxanın konsullara verdiyi ziyafət haqqında danışırdıq. Şümşad xanım gəldi. Miss Hanna onun boynunu qucaqlayıb dodaqlarından öpdükdə o: – Xanımımızın çox şirin dodaqları vardır! – deyə mənə müraciət etdi. Mən bu şit sözə əhəmiyyət vermədim, çünki mən də, amerikalı qız da onun belə, cəmiyyətə layiq olmayan sözlər danışmasına alışmışdıq. Qız artıq sevgi, işvə, qəmzə, vüsal, məhəbbət, ayrılıq və sairə kimi şeylərdən Şümşad xanımla açıq-açığına danışır və özünü Təbrizin pozğun qaraçı qadınlarına oxşadırdı. Miss Hannanın dediyinə görə, Şümşad xanımdan türkcə danışmağı öyrənirmiş. Qız hər bir söz başında «öz başım üçün» deyərək köksünə hərəkət verir, «anamın canına and içirəm» söyləyərək göz qırpmadan insanın bəbəyinin içərisinə baxır, «vay, başıma kül, ürəyimə bax gör birdən-birə necə döyündü» sözünü təkrar-təkrar söyləyirdi. Onlar oturub türkcə danışır, mən də qəzet oxumaq bəhanəsilə onları dinləyirdim. Şümşad xanım ona deyirdi ki: – Sən məni sevirsən? Miss Hanna bu sözü dinləyərkən ovuclarını üst-üstə qoyub, birlikdə qoşa əlini döşləri üstünə basdı, incə bir qımıltı verərək nazlı bir Təbriz qadını kimi: – Ay qız, bu nə sözdür? Vallah mən səni ürəkdən sevirəm, – dedi. – İnanmıram! – Yalan desəm gözlərimə qara su yensin! Mən miss Hannanın bu vəziyyətini mülahizə edərkən, həm gülür, həm də onların özünə hiss etdirmədən acıqlanırdım. Qız yalnız danışdıqda deyil, bütün hərəkətində də bir Şümşad xanım olmağa çalışırdı. Ona bir çox sözlərini dili ilə deyil, gözləri ilə, qaşları ilə və vücudunun hərəkəti ilə deməyə səy edirdi. Hələ miss Hannanın işvəkar qadınlar kimi öz qaş-gözünü tərifləməsi, əllərini döşləri üzərinə qoyub diksinməsi, qaşlarını dartaraq ah çəkməsi, qeyri-təbii olaraq başına hərəkət vermədən qıyqacı ətrafına baxması, onu əski Hannalığından tamamilə ayırmaqda və yüngül, xoş məşrəb bir qadın etməkdə idi. Bütün bunlar Şümşad xanımın qızın başına nə isə qorxulu bir oyun açmaq istədiyini isbat edirdi. Qız get-gedə onun hərəkət və söhbətini təqlid etdiyi kimi, onun tutduğu yolu və əxlaqı da təqlid edəcək idi. Buna şübhəm qalmırdı. Mən indi miss Hannanın şəxsində Qərbin bütün şərqşünaslarına gülməyə haqlı idim. Bu qızın atası məşhur bir şərqşünasdır. Qızın özü də Şərq lisanları fakültəsini bitirmişdir. İndi o, Təbrizə, dinləri, təriqət və məzhəğləri, adət və ənənələri öyrənən heyətin sədri olaraq gəlmişdir. Qız özünün qabiliyyəti nəticəsində konsulxanada mühüm bir vəzifənin başına təyin edilmişdi. Qız əvvəldə olduğu kimi, indi də, «Şərqi beş barmağım kimi tanıyıram», – deyə iddiada bulunmaqdadır. Lakin bunların heç birisi doğru deyildi. Mən miss Hannanın düşdüyü bu vəziyyəti nəzərdən keçirərkən yenə də əvvəlki fikrimə qayıdaraq öz-özümə deyirdim: «Şərqi öyrənmək üçün Qərb alilər tərəfindən yazılmış kitabları oxumaq qətiyyən kifayət deyildir. Şərqi Şərqdə öyrənmək daha doğru bir yoldur. Şərqin bu başından girib o biri başından tələsik çıxan və təsadüf etdiyi adamlarla olan söhbətləri toplayıb bir kitab şəklinə salaraq çap etdirən səyahətçilərin kitabları vasitəsilə şərqşünas olanlar, Şərqi həyatda görmək üçün Şərqə gəlirsə, yenə də miss Hannanın düşdüyü gülünc vəziyyətə düşəcəkdir». Mən miss Hannanı bu barədə heç də tənqid etmədim. O bu gün də, hər gün olduğu kimi, Şümşad xanımdan «əxlaq dərsini» aldı, nəhayət, saat 11-də şam süfrəsinə əyləşdik və saat 12-də yemək bitdi. Şümşad xanım hələ oturmuşdu, hərəkət etmək istəmirdi. Lakin miss Hanna onu gecələmək üçün saxlaya bilməzdi, çünki ona tapşırmışdım. Mən ondan əvvəl vidalaşıb çıxdım, küçədə durub onu təqib etmək qərarına gəlmişdim. Çox qaranlıq idi, ayağın altını görmək mümkün deyildi. Təbrizin üfüqləri, qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. Ara-sıra köpək hürmələrindən başqa bir səs eşidilmirdi. Kənarda durub gözlərimi amerikalı qızın qapısına dikmişdim. Yarım saata qədər durub gözlədim, qapıdan heç bir kəs dışarı çıxmadı. İki kərə qayıdıb getmək və Şümşad xanımı təqib etmək xəyalından vaz keçmək istədim. Başımda dolaşan fikirlər, gecənin qaranlığı kimi qara idi. Öz-özümə düşünürdüm: «Nəyimə gərəkdir? Burax başına bu dəli olmuş qızı! O görür ki, sən Şümşad xanım və onun ətrafındakıların tanışlığından razı deyilsən. Sən özün ona tapşırmısan ki, onu öz evində gecələməyə buraxma, lakin o, bunların heç birisinə əhəmiyyət vermir, yenə də onları evinə qəbul edir və onlara hörmət bəsləyir. O öz bildiyini atasına da verməz. Qoy başına nə fəlakət gələrsə gəlsin. Ona sən məsul deyilsən», – deyirdim. Lakin bu fikirlərin heç birisi məni amerikalı qızı müdafiə əzmindən qaytara bilmədi. Mən nə qədər düşündümsə, onun mənə etibar etdiyi və mənim müdafiəmə tapşırdığı namusunun ayaq altında tapdanmasına və onun öz arzusu xaricində olaraq xain əllərə düşməsinə razılıq verə bilməzdim. Belə fikirlər içərisində çapaladığım vaxt uzaqdan pişik gözü kimi parlamaqda olan bir işıq göründü, yenə də gözdən itdi. Orada hər kəssə durub gözləyirmiş. «Kim bilir, bəlkə də, məni təqib edən naməlum bir adamdır», – düşündüm. Yarım saatdan sonra, miss Hannanın qapısı açıldı, bir neçə saniyədən sonra həlqəsi salındı. Oradan bir nəfərin çıxdığını gördüm. O, Şümşad xanım olsa belə görmək mümkün deyildi, başındakı çarşaf, gecədən daha qara olduğuna görə qapıdan çıxan kimi gecənin qaranlığına qarışdı. Mən səsi çıxmayan yavaş addımlarla qaranlığı sökə-sökə bir xəyal kimi qarşıma düşən heykəli təqib edirdim. Elə bu vaxt mən bir oğrunun boğunuq və yavaş səsinə bənzəyən bir səs eşitdim. O səs: «Cində, sənsənmi?» dedikdə, mənim üçün Şümşad xanımın həqiqi siması qismən aydınlaşmış oldu. Təbrizdə ən məşhur fahişələri «Cində» adı ilə çağırırdılar. Buna görə də mən tamam qulaq kəsilərək dinlədim və belə düşündüm: səsin Rəfizadənin səsi olduğunu həll etsəm Şümşad xanım intriqasının əsas bir düyünü açılmış olacaq və mən biləcəyəm ki, Rəfizadə Şümşadın əri deyil, o bu fahişənin vasitəsilə amerikalı qızı yoldan çıxarmaq istəyir. Səsi tanıdım, danışan Rəfizadə idi: – Bir söz deyə bildinmi? Kəlməyə söz verdimi? – Heç bir söz... Axşamdan yanını kəsib oturmuşdu. – Onun rədd olunması üçün çalışmalısan! – Mümkün deyil, o qızın Allahıdır. – Onu Təbrizdən rədd edərik! Məsələ məlum oldu. Mən evdən çıxarkən hiss etdiyim tərəddütdən qurtarmışdım. Mətanətim özümə qayıtdı və öz-özümə: «Baxarıq, kim kimi rədd edəcəkdir», – deyə, bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı, bunları təqib etmək fikri məndə möhkəmləndi, çünki bu da bir mübarizə idi: möhkəm dayanmaq və qalib gəlmək lazımdı! Fikirlərimin qətiliyi mənə böyük cəsarət vermişdi. Nə qorxur, nə də bir şeydən çəkinirdim. Hacı Səməd xanın polislərindən, darğa, şəgirdlərdən də qorxmurdum, çünki Hacı Səməd xan tərəfindən verilən biraylıq «ism-şəb» cibimdə idi. Şəhərin bu rayonlarında rus gəzmə dəstələri də olmazdı, buna görə də küçələr Rəfizadə, Şümşad xanım, bir də mənim üzümə açıq idi. Yolumuz uzun-uzadı küçələrdən, dar, qaranlıq, bəzən üstüörtülü döngələrdən, balaca meydançalardan, dolaşıq bazarçalardan, xarabalıqların qoynunda uyumaqda olan məhlələrdən keçirdi. Onlar kiçik bir qəbiristanın yanında durdular, mən də durdum. Şümşad xanım yavaşca: – O səs nədir, eşidirsənmi? Mən qorxuram! – dedi. Rəfizadə cavab vermədi, durub xeyli dinlədilər. Mən də diqqətlə haman səsi dinləyirdim. Ruzigar çox şiddətlə əsirdi, ara-sıra bir inilti eşidilirdi. Onlar nə olursa-olsun haman qəbiristandan keçib getməli idi. Nəhayət, Rəfizadə cəsarətini toplayaraq qəbiristana daxil oldu. Mən də irəliləməyə başladım. İnilti, yolumun üstündə olan yeni bir qəbrin yanından gəlirmiş. Ruzigar ağzı sınmış bir səhəngin sınıq yerinə dəydiyi zaman səslənir və bu səs də yaralı bir insanın iniltisinə oxşayırdı. Təqib etdiklərim, bu qorxudan uzaqlaşmaq üçün addımlarını sürətləndirmişdilər. Getdiyim yolları görməmişdim, oralarda tanıdığım yer ancaq «İstanbul qapısı» və «İki qala» arasında olan döngələr və qarmaqarışıq yollardı. Keçdiyim yolların deyil, qayıdacağım yolların qeydinə qalmışdım. Bunun üçün də qara heykəl kimi görünən palçıq damları, zürafə kimi boynunu uzadan söyüd ağaclarını, qaplan kimi baxan məzar daşlarını, qəbirlər yanındakı «timsah» kimi uzanan tabutları nişanlayaraq keçirdim. İndi artıq hara getdiyimi bilirdim, çünki qaraçı məhəlləsinin «İstanbul qapısı» ilə «İki qala» arasında olduğunu eşitmişdim. Qarşımızda gecə gəzmələri göründü. Mən qabaqda gedən Rəfizadə və Şümşad xanımın tutulacağını düşünərkən, onlar gecənin adını deyərək keçdilər. Gəzmələr mənə yaxınlaşırkən uzaqdan: – İsm-şəbi! – deyə səsləndi. Mən: – Kəngavər! – deyərək keçdim. Hərgah ism-şəb yanımda olmasaydı, məni həbs edərək payi-çırağa aparacaqlar idi. Səhər kim olduğumu təyin etmək üçün şəhər komendatının, yəni mənimlə mübarizə aparan Mahmud xanın ixtiyarına verəcəkdilər. Hər halda, «Rəfizadə və Şümşad xanım da sadə adamlar deyilmiş, onlarda da hökumətin parolu varmış», deyərək düşündüm; çünki gecənin adını hər bir sadə adama verməzdilər. Onlar alçaq və üstü tökülmüş bir divarın dibində durdu, həyətə daş atdıqlarını eşitdim, bir az sonra, qapı açıldı, onları içəri aldı, yenə də qapının həlqəsi dalından vuruldu. Mən tək bir nəfər... qaraçılar dərbəndi, şəhərin ən qorxulu məhləsi... Gecə vaxtı buraya insan ayağı düşməz, axşamdan buraya kef üçün gələnlər belə, günəş boy verməmiş dışarı çıxa bilməzdi. Mən həman qapıda durub düşünürdüm: «Çox gözəl, artıq mən bunların kim olduqlarını, nə istədiklərini lazımınca öyrəndim. Daha burada durmağın, yaxud bu həyətə daxil olmağın nə mənası vardır? Hərgah mən amerikalı qızı müdafiə etmək istəyirəmsə, bir kəlmə ilə Şümşad xanımı və Rəfizadəni ona tanıdaram və onlara evlərinə gəlməyə yol verməməsini tapşıraram. Qız ki, mənim sözümü və mənim məsləhətimi rədd etməz». Bu fikirlə qapıda gəzişirdim. Lakin bu düzgün hərəkət deyildi. Mən ya içəri daxil olmalı, yaxud da buradan təcili surətdə uzaqlaşmalı idim. Lakin məsələni yarımçıq qoymaq da olmazdı. Çünki mən özüm də bu işlə əlaqədar idim. Məni də bu məsələ üzərində Təbrizdən rədd etmək istəyirdilər. Mən içəri girmək üçün çarə düşünürkən, içəridən bir kamança səsi eşitdim. Kamançanın həzin səsləri ilə qarışıq bir qadın səsi də gəlirdi. Bu səs, Şümşad xanımın səsinə çox bənzəyirdi. O səsin qüvvəti və təsiri bir anda məni qayıdıb getmək fikrindən daşındırdı. Özümdə yenə də bir ruh yüksəkliyi duymağa başladım. Bu səs və həzin tərənnümlər, dünyanın bütün xarabalığından daha xaraba, mədəniyyətcə böyük bir məhrumiyyətin qanadları altında yaşayan, gündə yüzlərcə insanın iqbalını göstərmək bəhanəsi ilə bədbəxt eləyən, fala baxmaq bəhanəsi ilə namusa və həyata təcavüz edən, insanlığını itirmiş adamların yuvasından gəlirdi. Bu səbəblə də insanı məşğul etməyə bilməzdi. Bu nəğmələrin təsirilə Şərq nağıllarında oxuduğum həramilər yuvasının məchul şəkilləri nəzərimdə canlandığı zaman, Şümşad xanım bir daha kamança ilə oxudu: «Səni də yetirrəm yara bu gecə Telimdən çəksələr dara bu gecə». Bu səs ətəyimdən tutub məni həyətə saldı. Mən əvvəlcə küçəyə çıxan qapını açdım, sonra yanımda olan tapançanı çıxarıb həyəti gəzməyə və gözdən keçirməyə başladım. Həyətdə ikicə otaq vardı. Otaqlara bir dəhlizdən keçilib girilirdi. Dışarıya çıxılmasına imkan verməmək üçün qapını həyət tərəfdən bağladım. Həyəti bir də diqqətlə aradım. Orada ancaq, budaqları küçəyə enən iki söyüd ağacı, evin qabağında isə böyük bir badam ağacı vardı. Ətrafımı yaxşı öyrəndiyimdən əmin olduqdan sonra kamança səsini dinlədiyim otağın pəncərəsi qarşısına gəldim. Otağın içərisinə tamaşa etmək üçün badam ağacının dibində qoyulan bir kürsünün üstündə oturdum və gözlərimi kiçik şüşələrdən içəri dikdim. Dərhal tüklərim biz-biz oldu, bədənim titrədi, bir neçə gün əvvəl miss Hannanın ziyafətində iştirak edən qadınların hamısı burada idi. Özlərini Rəfizadənin bacıları deyə tanıdan Səlimə xanım, Şuxşəng və Pərirux xanımlar da hərəsi bir əyyaşın qucağında oturmuşdu. Vaxtilə mənə və miss Hannaya özlərinin kübar bir ailə üzvü olduğunu söyləyən bu qadınlar, insanın xəyal və təsəvvürünə gəlməyən bütün həyasızlıqların nümunəsini göstərirdilər. Hacı Səməd xanın əmisi oğlu Mahmud xan və Rəfizadə dəxi burada idi. İki nəfər tar, kamança çalır, Şümşad xanım isə oxuyurdu: «Ay gördü kaman qaşlarımı döndü hilalə, Pəh-pəh bu qədü qamətə, pəh-pəh bu cəmalə, Bağda gülü şərməndə qılar qonça dodağım, Süzgün baxışım, qara gözüm, alma yanağım». Şümşad xanım oxuyub qurtardıqda ayağa qalxdı və oturanların hər birisinə bir öpüş verərək, yenə də qayıdıb Mahmud xanın qucağında əyləşdi. Pərirux xanım bir nəfər silahlı sərxoşun qucağında oturmuşdu. O, şərabı ağzına alır, sonra da dodaqlarını qucağında oturduğu sərxoşun dodaqlarına yapışdırıb, ağzındakı şərabı ona içirirdi. Şuxşəng xanım tacir qiyafəsində olan bir nəfərin qarşısında arxası üstündə uzanmışdı, onun başı üzərində oturan tacir isə şərabı onun göbəyinə töküb oradan içir və tez-tez «Allahummərzüqna» deyərək şəraba batmış bığlarını fahişənin əndamına sürtməklə təmizləyirdi. Səlimə xanım qızarmış bir manqalın yanında oturub xalça üzərində böyrünü yerə vermiş iki nəfər tiryəkinin hoqqasını alışdırırdı. Kamança səsi dayandı. Mahmud xan Rəfizadəni səsləyərək: – Gədə, biqeyrət, bəs necə oldu o sarıtel qız? – dedikdə, Rəfizadə başını bucaqda söhbət etdiyi qızdan aralayaraq: – Cənab Mahmud xan, Hüsni xanımdan xəbər al! – dedi: – Mən ki, öz xidmətimi müzayiqə etmirəm, aparıb amerikalı qızın evinə salmışam, daha nə istəyirsiniz? Mən «Hüsni xanım kimdir», düşünərkən, Şümşad xanım cavab verdi: – Nə qədər ki, o tacir qızın evinə gedir-gəlir, oradan heç bir şey çıxmaz. Mən indi bildim ki, Şümşad xanım saxta bir ad daşıyırmış, onun əsl adı isə Hüsni xanım imiş. Mahmud xan sərxoş halında Şümşad xanımın üzünə bir şillə çəkdi. – Sırtıq cində, yalan deyirsən, görünür ki, onu bir başqasına satmaq istəyirsən. O tacirə gəldikdə isə bu yaxın günlərdə onu Təbrizdən qaçaq salacağam. Rəfizadə: – Hərgah siz bunu bizə vədə versəniz, qız ikicə gündən sonra sənin qucağında olacaqdır. Çətini bura gətirincədir, sonra o abrusuna qısılıb heç kəsə heç nə bildirməz və istədiyin zaman bura gələr. Rəfizadə yenə də bucaqdakı qız ilə danışdıqda qızın döşlərinə əl atmaq istəyirdi. Qız əllərini qabağa verərək ona mane olurdu. Qızın üzünü görmək mümkün deyildi, o çarşafını götürmüşdüsə də, çarqatına bürünüb oturmuşdu. Sanki o, birinci kərə idi ki, bu fahişəxanaya düşmüşdü. Aldadılıb buraya gətirildiyi hər bir hərəkətindən bəlli olurdu. Rəfizadə qollarından tutub onu öpmək istədikdə, qız yerindən sıçrayıb qalxdı və çarşafını aldı: – Səlimə xanım, bu nə deməkdir? – dedi. – Sən məni bura rüsvay etmək üçünmü gətirdin! Sən bilirsən ki, məni qardaşlarım və atam tikə-tikə doğrar. Mən gərək gün batanda evə qayıdaydım, sənin fala baxmağın bu imişmi? Bu sözlərdən sonra Səlimə xanım qəhqəhə ilə gülərək qıza qışqırdı: – Otur yerə, axmax qız! Hər şeyi öyrənmək lazımdır, evdə nə işin var ki, atan-anan da səni doğrasın? Sən özün düşün, bundan da yaxşı «fal» ola bilərmi? Ay ağılsız qız! Fal iqbaldan ötrü deyildirmi? Sən buradakı iqbaldan daha gözəl bir iqbal tapa bilərsənmi? Otur yerə, bu həyat sənə ancaq bir-iki günlüyə ağır gələcəkdir. Sonra elə öyrənişəcəksən ki, səni bu evdən qovsam da çıxıb getməyəcəksən. Səlimə xanım qızın donundan dartıb yerə oturtdu və başındakı çarqatı da aldı, altına qoyub oturdu. Mən o qıza diqqətlə baxırdım. Onun o vaxtkı vəziyyəti insan arasına buraxılmış vəhşi bir dağ keçisi vəziyyətinə bənzəyirdi. O, qaçmaq və azadlığa çıxmaq üçün bir yol arayırdı, lakin mümkün deyildi. Zavallı qız oturdu, o, olduqca gözəl, uca qamətli, sağlam vücudlu bir qız idi. O ağlayırdı, onun hıçqırdığını eşidirdim. Rəfizadə ona nəsihət verir və sakit eləmək üçün deyirdi: – Eybi nədir? Qalmaq istəməsən yenə qalma! Ancaq bu eyş busatını pozub getmək sizin özünüzə də yaraşan deyil. Siz ki, xanım qızsınız, özü də nəcib bir ailəyə mənsubsunuz, mən sizin xatırınız üçün elə rəftar edərəm ki, heç bir kəsin bu məsələdən xəbəri olmaz. Bircə siz görün necə oğlana qismət olmusunuz? İnşallah siz məni sonradan tanımış olacaqsınız. Bu söhbətlər çox da uzun çəkmədi. Mahmud xan Şümşad xanımı buraxaraq ağlayan qızla məşğul oldu: – Ay ağlağan qancıq, kimin qızısan? – deyə soruşduqda, qız səsini kəsdi, lakin Mahmud xana cavab vermədi. Səlimə xanım qızın əvəzində Mahmud xanın cavabını verdi: – Üstünə çığırma! – dedi, – yaxşı qızdır. Kələntərin nəvəsidir. Mahmud xan bu sözü eşitdikdə qızın qolundan tutub öz qucağına çəkdi. – İndi Təbrizin Kələntəri mənəm! – dedi. Qız onun qucağında çapalayır, otaqda bir qarışıqlıq düşməyə başlayırdı. Rəfizadə özünü düzəldərək: – Cənab Mahmud xan, bu olmadı ki? Mən qıza ətək dolusu qran xərcləyib bura gətirmişəm, – dedi və ayağa qalxmaq istədikdə, Səlimə ətəyindən tutub onu yerə oturmağa məcbur etdi. – Otur yerə, onu yalnız sizdən ötrü bura gətirməmişəm, – dedi, – gözü dar olma, gül kimi qızdır. Bir-birinizə dəyməyin. Hamınıza yetər, buradan getməyi yuxusunda görər. Rəfizadə özünü saxlaşdıra bilmədi, qarşısındakı şərab şüşəsini götürüb Mahmud xana tulladı, butulka aralıqdakı lampaya dəyib lampanı sındırdı. Evdə yanğın düşməmək üçün hər kəs bu lampanın ətrafında toplandı, vuruşma və həyəcan başlandıqda, mən dəhliz qapısını eşikdən açıb özüm də küçə qapısından dışarı çıxdım. Mən hələ qapıdan uzaqlaşmamışdım ki, oradan bir qadının dəli kimi çıxıb yüyürdüyünü gördüm. O, əllərini açaraq küçənin o tərəf-bu tərəfinə qaçır, nə edəcəyini bilmirdi. O, yatan qonum-qonşuların eşidə biləcəyi şiddətli səslə ağlayırdı. O mənə yaxınlaşdı, libasından və səsindən Rəfizadə üçün gətirilən qız olduğunu bildim. Ona yavaş bir səslə dedim: – Hərgah buradan salamat qurtarmaq istəyirsənsə, səsini çıxarma, həm özün üçün, həm də mənim üçün təhlükə törətmiş olarsan, sakit ol, mən səni öz evinizə apararam! O artıq danışa bilmədi, ancaq bir kərə: – Mərhəmət elə! Məni aldatmışlar! – deyərək, bayılıb yıxılarkən, mən onu qollarımın arasına aldım. Qız özünü bilmirdi, küçədə dayanmaq isə mümkün deyildi, çünki həm Rəfizadənin, həm də Mahmud xanın öz şikarının arxasınca çıxacağı və onu tutub evə qaytarmaq istəyəcəyi şübhəsiz idi. Zərurət üz verdiyi zaman, insan özündə adi vaxtlarda mövcud olduğunu əsla təxmin etmədiyi bir qüvvətin olduğunu hiss edə bilərmiş! Qızı qollarımın üstünə aldım, onu gəldiyim yol ilə yox, tamamilə başqa bir tərəfə apardım. Xaraba və başlı-başına buraxılmış bir binanın içərisində toxdayıb oturdum. Lakin Şümşad xanımın qapısından çox da uzaqda deyildik. Mahmud xanın və başqalarının çıxıb qızı aradıqlarını və sərxoşcasına söyüşdüklərini eşidirdim. Qız bir saata kimi özünə gəlmədi. Hərgah havanın sərinliyi ona təsir etməsəydi, bihuşluğu bəlkə, daha da artıq çəkəcəkdi. Nəhayət, qız hərəkət etdi. O, əvvəlcə əlini alnına çəkdi, dağınıq saçlarını əllərilə çılpaq dizinin üstünə tökərək: – Ana, başım həddindən artıq ağrıyır, – dedi və nazlanaraq o biri yanı üstündə uzanmaq istərkən kərpic parçasının üzərinə düşərək, anasının yanında olmadığını anlamış olan kimi qalxdı və: – Xudavənda, mən haradayam? – dedi. – Mənim başıma nə fəlakət gəldi? Qız bunu deyərək ağlamaq istərkən, mən: – Bacım, ağlamağa lüzum yoxdur, – dedim, – sənin başında olan fəlakət keçib getdi, sən xainlərin əlindən qurtardın. Qız sözlərimi yarımçıq kəsərək şaşqınlıq və tələşla soruşdu: – Siz kimsiniz? Siz də onlardanmısınız? – Xeyr, mən yoldan keçən bir adamam, ancaq səni bir fəlakət təqib etdiyini bilərək qurtarmağa çalışdım. – Onlar mənim dalımca çıxıb yenə də qaytarmazlarmı? – Qorxma, onlar bura gəlməzlər, gəlsələr də mən səni müdafiə elərəm! – Mənə rəhm edin, mənim namuslu bir qız olduğuma inanın... – Siz də mənim namuslu oğlan olduğuma inana bilərsiniz. – Əlbəttə, inanıram. Lakin... – Bunların hamısı keçmişdir. İndi isə buradan qalxıb getmək lazımdır! – Mən evə nə cürə gedə bilərəm, çarşafım, çarqatım da yoxdur. Evdə məni öldürəcəklər. – Mən aparıb sizə çarşaf versəm qəbul edərmisiniz? – Mən sizdən çox razıyam. Ancaq sizdən rica edirəm ki, məni öldürünüz. Bu mənim üçün bir yaxşılıqdır. Çünki mən evimizdən axşam saat beşdə çıxmışam. İndi mən evimizə nə üzlə qayıda bilərəm? Mən: – Ayağa qalxın, dalımca gəlin! Bu barədə sonra düşünərik. Hələlik bu qorxulu küçələrdən uzaqlaşmaq lazımdır, – dedim və qolundan tutaraq onu ayağa qaldırdım. O, qorxusundan titrəyirdi. Başına gələn hadisə qızı tamamilə sarsıtmışdı. Mən onun qolundan tutmuşdum. O mənə söykənərək addım atırdı. Təbriz gecəsinə məxsus ruzigar əsdikcə qızın saçlarını üzümə çırpırdı. Yanımda xəyal kimi qara ipək geyimli bu qıza baxdıqca, mən özümü də bir xəyal dünyasında hiss edirdim. Lakin bunu da bilirdim ki, təsadüf etdiyim bu hadisə məni xeyli məşğul edəcəkdi, qızın namuslu ləkədar olmamaq üçün bu məsələni onun ailəsinə bildirməmək olduqca çətin bir məsələ idi. Mən indi ancaq bu barədə düşünürdüm. Qızın nə düşündüyünü bilmirdim. Ancaq iradəsini qeyb edən bu qız, bütün müqəddəratını mənə tapşırmışdı. Özünün hara gedəcəyi haqqında bir kəlmə də olsa soruşmurdu. Onu düz-doğru öz evimə gətirdim. Qapını vurdum, Hüseynəli əmi gəlib qapını açdı, yanımdakı qızı Nina zənn edərək qayıdıb getdi və mən qapını bağladıqda Hüseynəli əmi bir daha qayıdıb: – Samovar lazımdırmı? – deyə soruşduqda mən: – Samovar da, yemək də lazımdır, – deyə otağın qapısını açıb içəri girdim. Otaqdakı lampalar keçirilməmişdi. Qız sanki otağa girərkən bir daha yuxudan ayıldı və: – Mən haradayam? – deyə soruşdu. Mən ondan uzaqlaşıb kənarda durduqdan sonra cavab verdim: – Siz ən etibarlı və sizin namusunuzu öz bacısının namusu kimi müdafiə etməyə hazır olan bir gəncin evindəsiniz. Bu sözdən sonra o başını əlləri arasına alaraq bir neçə an düşündü, sonra kiçik salonu gözdən keçirdi. Mən onun başıaçıq olduğunu və bundan utandığını duyaraq: – Hərgah başınıza örtük lazımdırsa, bu saat durub gətirə bilərəm, – dedikdə o, qəmli bir halda: – Xeyr, bundan sonra nə lüzumu vardır? – dedi. – Elə isə oturun, indi sizin gələcəyiniz barəsində düşünək. İrəli gəldi, mən əyləşdiyim stulun yanındakı stulda oturdu. Nə mən, nə də qız söhbət etməyə bir söz tapmırdıq. Xüsusən qız, özünü olduqca zəif hiss edənə oxşayırdı. Nəhayət, Hüseynəli əmi samovarı gətirib dəhlizdə qoyaraq getdi. Mən alıb stolun üzərinə yerləşdirib çayı hazırladım və yuxululuq halı keçirən qıza: – Buyurun, – dedim, – bir çay için! Özünüzü ələ alın. Qız diksinmiş kimi gözlərini açdı, qalxıb çay stolunun başına gəldi və mənimlə bərabər iki stəkan çay içdi. Ruhlandı, ayağa qalxaraq güzgünün yanına keçdi, saçlarını sahmana saldı, yenə də yerinə qayıdaraq başını əlləri arasına alıb oturdu. Mən onu yedirməyincə, rahat etməyincə, onun kim olduğunu təyin etmək və bu hadisənin səbəblərini öyrənmək istəmirdim. Nəhayət, gecə saat üçdə bizə şam yeməyi verdilər. Süfrə başında olan söhbətlərimiz bundan ibarət idi: qız mənə sual verdi: – Bəs sizin ailəniz hanı? – Mənim ailəm yoxdur. – Bəs o kişi nəçidir? – O mənim xidmətçimdir. – Onun arvadı vardırmı? – Vardır. – Haradadır? – Öz otağında yatıbdır. O sizin nəyinizə lazımdır? – Elə belə soruşuram. – Sizin adınız nədir? – Mənim adım Nabat xanımdır. Bəs sizin adınız? – Mənim adım Əbülhəsənbəydir. Çox gözəl, sizin atanızın adı nədir? – Atamın adı Mehdi xandır. – Hansı məhlədə olursunuz? – Şeşgilanda. – Siz nə üçün fala baxdırmağa getmişdiniz? – Onları sizə söyləmək mənə kömək edəcəkdirmi? – Siz bu hadisəni doğuran səbəbləri mənə tamamilə söylədikdə, mən sizin vəziyyəti yüngülləşdirə bilərəm. Mən istəyirəm ki, sizin ailəniz bu məsələni heç də bilməsin. Qız acı bir təbəssümlə: – O gecdir. Əvvəla mən gecə saat dördə qədər evə getməmişəm, ikinci mən heç tanış olmayan bir kişi ilə bir otaqdayam. Mən sizə inanıram, lakin sizin mənim haqqımda bir qardaş kimi hərəkət etməyinizə Təbriz xalqı, xüsusən mənim ailəm inanacaqmı? Artıq mən ləkələnmişəm. İndi siz məni ailəmə qovuşdurmaq üçün yox, onların gözünə görünməməyim üçün bir çarə tapın, sizə yalvarıram! Qız bunu söyləyərək ağladı və əlimdən öpmək istədi. Mən onu başını əlimdən qaldıraraq saçlarını sığalladım və: – Buna lüzum yoxdur, bacım, – dedim, – sizin məsələniz o qədər də qorxulu bir məsələ deyildir. Siz məndən heç bir şey gizlətməyin. Ancaq sirlərinizi mənə açdıqdan sonra, mən sizə kömək edə biləcəyəm. Qız sözünü belə başladı: – Mən Mehdi xanın qızıyam, atamın məndən başqa iki oğlu vardır. Atamın anadan bir, atadan ayrı olan qardaşı çox varlıdır. Böyük mülkləri, kəndləri, bağları, binaları vardır. Onun da məndən çox kiçik bir oğlu vardır, onun bir gözü şikəstdir, ağlı da yerində deyil. O doğulduğu vaxt mən doqquz yaşında idim, onu bir çox zamanlar qucağımda gəzdirmişəm, indi isə məni ona vermək istəyirlər. – O sizi sevirmi? – O sevgi anlamır, hələ çox kiçikdir. – Neçə yaşındadır? – 12 yaşındadır. – Sizin neçə yaşınız vardır? – 21 yaşındayam. – Buna atanız və ananız nə deyir? – Anam özünü həlak etmək istəyir, razı deyil, atam isə əksinə. – Bunun səbəbi? – Atama pul lazımdır: çünki tiryəkidir, sərxoşdur, öz var-dövlətini də bu yolda xərcləyib bitirmişdir. – Siz bu izdivaca razı olub-olmamağınız haqqında atanıza bir söz deməmişsinizmi? – Evimizdə bütün günü döyüşmə və söyüşmə gedir, anam bu işin üstündə neçə kərə döyülmüşdür. – Əcəba, sizin əminiz bu vəziyyəti bilmirmi? – Necə ki bilmir? – Bəs nə üçün razı olur? – Bu məcburiyyəti yaradan da elə əmimdir. Sizə açığını deməkdən utanıram. – Utanmayın, bacım, müsəlman ailələrinin həyatında bu kimi acılıqları nə qədər istəsən tapa bilərsən. Utanmayın, mən sizi anlayıram! Başına gələn macəranın nə qədər ağır və əzici olduğunu qızın çöhrəsi ifadə edirdi. Bir çox sıxıntıdan sonra utana-utana dedi: – Əmim məni oğlu üçün yox, özü üçün aparır. – Ola bilməz, siz bunu haradan bilirsiniz? – Mən bilirəm. Onun mənə qarşı əlaqəsi bir əmi və qayınatanın əlaqəsinə bənzəmir. O məni hər gün qolları arasına alıb öpür və döşlərimi sıxır. Mən onun hər məni görəndə halından çıxdığını hiss edirəm. Günün birində əmim arvadı da bu vəziyyəti görüb əmimə acıqlandı və – «qızın üzünü açma!» deyərək, ona nəsihət verdi. Lakin əmim arvadının sözünü eşitmir, yenə işində davam edirdi. O mənsiz bir gün də olsa yaşaya bilmir. Gəlib məni evdən aparır. O məni öz adına almağı bacarmır, çünki şəriətdə, adətdə belə iş yoxdur. Buna görə də bir parça ət və sümükdən ibarət olan oğluna almaq bəhanəsilə məni əldə etmək istəyir. Buna da çox qalmamışdır. – Qardaşlarınız buna necə baxır? – Qardaşlarım burada ikən, belə həyasızlıqlara yol verilmirdi; ancaq əmim bir neçə kərə təklif etdi, qardaşlarım acıqlandı, o dəxi məsələni təzələmədi. – Qardaşlarınız hardadır? – Nə bilim?! – Necə yəni nə bilim? Onların hara getdiyini bilmirsinizmi? – Əlbəttə ki, bilmirəm. – Onlar getdikləri zaman sizə bir söz demədilərmi? – Dedilər. Onlar məni qucaqlayıb öpdülər və ağladılar. Son sözləri bu oldu, «Nabat; özünü satma! Biz bilirik ki, səni təkləyib bədbəxt edəcəklər». Doğrudan da, elə oldu, məni təklədilər. – Bəs sən nə üçün qaraçı evinə fal açdırmağa gedirdin? – Fal açdırıb qardaşlarımın yerini öyrənmək istəyirdim. Bu rüsvayçılıqdan qurtarmaq üçün onların yanına qaçmağı düşünürdüm. – Onlar bu vəziyyəti bildikləri halda səni nə üçün burada yalqız buraxıb getdilər? – Burada qala bilmədilər. – Nə üçün? – Mən nə bilim? – Yoxsulluqdanmı çıxıb getdilər? – Xeyr. Burada qala bilmədilər. Nabat xanım sözünün dalısını söyləmək istəmirdi. Utanır, ya da məndən nəyi isə gizləyirdi. Mənsə onun qardaşlarının getməsində böyük bir sirrin gizləndiyini hiss edirdim. Buna görə də ona bir daha müraciət etdim: – Biz sizinlə əvvəlcə şərt qoyduq ki, siz məsələni olduğu kimi açıb deyəsiniz. Lakin siz yenə də məndən nəyi isə gizlədirsiniz. Özünüz mənim evimdə, sirlərinizin mühüm bir hissəsi əlimdə və müqəddəratınızı da mənə tapşırdığınız halda mənə inanmamağınızın nə mənası vardır? Nabat xanım udqundu, dilinin ucu ilə qorxusundan qurumaqda olan dodaqlarını islatdı və: – Qardaşlarımın sirri, mənim sirlərimdən daha mühümdür, – dedi. – Onun üçün də haman sirləri yaxından tanımadığım və vicdanından əmin olmadığım bir adama vermək istəmirdim. Lakin mən elə zənn edirəm ki, siz düşündüyüm qədər saf bir vicdan sahibisiniz. Bunu iki saatdan bəri olan tanışlığımız da isbat edir, çünki yardımsız və zavallı bir qızla belə alicənablıqla rəftar etmək, ancaq saf bir vicdana malik olan inqilabçıya yaraşar. Mənim bədbəxt qardaşlarım da inqilabçı idi. – İnqilabçı? – Bəli, hər ikisi həqiqi inqilabçı idi. Hacı Səməd xan Təbrizə girdikdən sonra onlar gizləndi. Vicdansız əmim isə məni öz pəncəsinə salmaq və məqsədinə nail olmaq üçün onların hər ikisini həbs etdirmək və Hacı Səməd xanın əlinə verməyə çalışırdı. – Bəs onlar Təbrizdən nə yol ilə qaçdı? – Onların bir nəfər qafqazlı dostu var idi, onlara vəsiqə və pul verdi. Təbrizdən qaçırdı, Allah ondan razı olsun. Heç olmasa mən qafqazlını tapaydım. Kaş mən də inqilab yolunda ölüb qurtaraydım, bu günləri görməyəydim. Hər gün səngərə gedirdim. Onlara yemək aparırdım. Bəxtimə bir güllə düşmədi ki, yaxam bu rüsvayçılıqdan qurtarsın. – Qardaşların hansı səngərdə çarpışırdı? – Göy məscid səngərində. Hər gün yemək aparırdım. Yoldaşları ilə nahar edirdilər. Yenə də qabları götürüb evə qayıdırdım. – Sizin özünüz nə üçün inqilabçı olmadınız? – Bu sözü mənə qardaşlarımın səngərində duran bir qafqazlı neçə kərə demişdi, lakin mənim əlimdən nə gələrdi? – Sizin əlinizdən çox şey gələrdi. Hərgah siz inqilabçı olsaydınız, qaraçının açdığı fala inanmaz və bu cür bir tora düşməzdiniz. İndi dinləyin. Mən sizə qardaşlarınızın adını söyləyim. Onların böyüyü Saleh ağa, kiçiyi Pərvizdir. Nabat xanım təəccüblə gözlərimə baxaraq, nə isə xatırlamış kimi: – Siz osunuz? – dedi və ağladı. Mən onun əlini əlimə alaraq təsəlli verdim və ağlamamasını tövsiyə etdim. Lakin o, heç vəchlə sakit ola bilmirdi. Həyəcanla özünü toplamağa çalışaraq dedi: – Deməli, siz haman adamsınız! Xatırlayıram, mənə səngərdə inqilabçı olmağı təklif edən oğlansınız. Sizi bomba atanda görmüşdüm. Sizin bu əliniz mənə tanış gəlir. Siz bu əlinizlə mənim əlimi bir neçə kərə sıxmısınız. Bilmirəm, həyatımın bu çətin vaxtında da bu əl mənə kömək edə biləcəkdirmi? – Bu əl sizi böyük bir təhlükədən qurtarıb öz xalanızın evinə gətirmişdir. Nabat xanım dərin bir heyrət içində ətrafına göz yetirdikdən sonra, tələsik ayağa qalxaraq soruşdu: – Xalamın? – Bəli, xalanızın! Məşədi Kazım ağanın arvadı sizin xalanız deyildirmi? – Xalamdır! Xudavənda, mən bədbəxt olduğum qədər də xoşbəxtməmiş! – İndi bircə məsələ qalır. Siz gecəki hadisədən kimsəyə, heç nə söyləməməlisiz, çünki o vaxt mən də, qardaşlarınız da təhlükə altında qalar, özünüz də bədbəxt olarsınız! – Buna söz verirəm, mənə inanın, ölsəm də bu sirr mənimlə qəbrə gedəcəkdir! – İndi daha düşünməyə lüzum yoxdur. Siz bu gecəni öz xalanız evində gecələmisiniz. Bunu səhər xalanız da ata və ananıza söylər. Zənn edirəm ki, onlar buna da inanar. Əminizin məsələsinə gəldikdə, sizi onun əlindən qurtarmağı da mən öz öhdəmə götürürəm. İndi durub sağ tərəfdən otağa keçiniz, öz evinizdə olduğu kimi rahət yata bilərsiniz. – Yox, mən burada yataram. Siz rahətsiz olmayın. Öz otağınızda yatın. – Mənim otağım başqadır. Bura qonaq otağıdır. Gecə saat beşdə yatmaq üçün otaqlara çəkildik. * * * Mahmud xan Mahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi. Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi. Dalımca adam saldığını və əlverişli bir yerdə məni öldürtmək istədiyini bilirdim. Buna görə mən də onu təqib etmək qərarına gəlmişdim. Tütünçüoğlu, Həsənağa və başqa yoldaşların vasitəsilə onu və onun bütün niyyət və məqsədlərini öyrənməyə çalışırdım. Mahmud xan bir tərəfdən Şümşad xanımın etibarını amerikalı qızın evində möhkəmlətməyə, onu öz evinə aparmağa çalışır, o biri tərəfdən də onun bacıları və sair qohumları Ninanı elçiləmək üçün gedib-gəlirdi. Nina hər gün Mahmud xandan bir neçə məhəbbət kağızı alır və bununla da rahatsız olurdu. Nina bir neçə kərə mənə müraciətlə, Təbrizdən qəfil, hər kəsdən xəbərsiz köçüb getməyi təklif edirdi. Mən bu arı heç vaxt qeyrətimə sığışdıra bilmədiyim üçün onun təklifini rədd etmişdim. Hazırkı mübarizə inqilabi mübarizə olmasa belə Təbrizdən həqarətlə qaçmağı heç bir zaman qəbul edə bilməzdim. Yaxamı Mahmud xanın əlindən qurtarmaq üçün qaçmağım, amerikalı qızın da məhvi demək idi, çünki yəqin edirdim ki, mənim Təbrizdən getdiyimin ikinci günü, qız Şümşad xanımın fahişəxanasına düşəcəkdir. Xüsusən mən Təbrizdən getdikdə, xalça emalatxanalarında çalışan gənc işçilər arasında başladığımız təşkilat işləri də yarımçıq qalacaq idi. Bunları nəzərə alaraq Ninanın Təbrizdən getmək fikirlərinə şərik ola bilmirdim. Gecə saat bir idi, Məşədi Kazım ağa rəngi ağarmış halda içəri girdi və: – İşdən xəbəriniz varmı? – dedi. – Xeyr yoxdur! – Bir saat bundan qabaq Mahmud xanın adamları Müqtədir xanın evinə girib bir çox qiymətli şeylər alandan sonra özünü də öldürmüşlər. – Müqtədir xan kimdir? – Məgər siz onu tanımırsınızmı? Mən yenə də özümü bilməməzliyə vurub: – Xeyr tanımıram, – dedim, – mən Təbrizdə kimi tanıyıram ki? – Siz Mehdi xanı tanıyırsınız, ya yox? – Hansı Mehdi xan? – Bir neçə gecə bundan qabaq burada olan Nabat xanımın atası Mehdi xanı. Bizim xanımın bacısı əri. – Bəli, bildim, Mehdi xanı öldürmüşlər? – Xeyr, Mehdi xanın qardaşı Müqtədir xanı. – Haradan bildiniz? – Xanıma bu saat xəbər gətirdilər. – Böyük bir bədbəxtlik! – Bəli, böyük bir bədbəxtlik. Bu, Nabat xanım üçün də bir bədbəxtlikdir. – Nə üçün? – Çünki oradan aparılan dövlət bədbəxt qızın əlindən getdi. Biz nə qədər zəhmət çəkib onları inandırmışdıq ki, qız gecəni bizdə olubdur, o inanmışdı. İş də düzələcəkdi, fələk qoymadı. – Çox gözəl, qız ki, onun oğluna getmək istəmirdi, siz gördünüz ki, qız ağlayırdı. – Çox da istəmirdi, çox da ağlayırdı, o qədər var-dövləti əldən çıxarmaq olardımı? Mən daha bir söz demədim. Məşədi Kazım ağadan tamamilə incidim, çünki bu adam üçün para, var, dövlət hər şeydən, hətta irz və namusdan da qiymətli imiş! Lakin hələlik bu adamla əlaqə saxlamaq lazım idi. Məşədi Kazım ağa oturmadı, qabağına qoyulan çayı da yarımçıq edib getdi. Mən təkcə oturub Tütünçüoğlu və Həsənağanı gözləyirdim. Məşədi Kazım ağa onların Müqtədir xanla olan «haqq-hesabı» bitirdiklərini söyləsə belə, yenə də əmin deyildim. Onların işi nə cür yerinə yetirdikləri ilə maraqlanırdım. Qapı vuruldu. Tütünçüoğlu və Həsənağa içəri girdi. Mən onlar oturmadan: – Quluzadə və Rəcəbli yoldaşlar harada qaldı? – deyə xəbər aldım. Tütünçüoğlu cavab verdi: – Tələşa düşmə, qardaşım, onları evlərinə yola saldıq, bura gəlmələri lazım deyildi. – İşlər necə oldu? – Hər şey öz yerindədir, Müqtədir xandan başqa! – Söyləyin görüm, mən onu öldürməyi sizə tapşırmışdımmı? Onu öldürmək lazım olsaydı, mən sizi Mahmud xanın adamları adı ilə deyil, sadəcə, qarətçi adı ilə göndərər və işi bitirərdim. Sizi Mahmud xan adamları adı ilə göndərməklə, onunla Mahmud xan arasında ixtilaf törətmək istəyirdim, onu Mahmud xanın əlilə məhv etməyə çalışırdım. Siz isə gedib əlinizi qana batırdınız! Onlar məndən birinci kərə idi ki, məzəmmət eşidirdilər. Hər ikisi qızarıb utancaqlıqla başlarını aşağı salaraq gözlərini döyürdülər. Mən yenə soruşdum: – Deyin görüm nə üçün mənim sözümdən çıxdınız? Tütünçüoğlu Həsənağadan əvvəl sözə başladı: – Əvvəli budur ki, onu öldürmək lazım idi. Ondan tapılan vəsiqələri oxumuş olsaydınız, bizə bu sualı verməzdiniz. İkincisi də budur ki, onu biz öldürmədik. Bilirsiniz ki, biz dörd nəfər idik. Saat 11-də həramız bir tərəfdə durub onun evinin qaraulunu çəkirdik. Qabaqca oradan cavan bir qızla bərabər qulluqçu bir qadın çıxdı. Sonra bir nimçə xörək əllərində aşpazlar da getdi. Əvvəlcə qapıya mən yanaşdım. Yoldaşlar kənarda dayanmışdı. Qapını vurdum. Müqtədir xanın arvadı qapıya gəlib soruşdu: – Kimsən? Nə istəyirsən? – Xana məktub gətirmişəm, – dedim. Arvad qapını açdı. İçəri girən kimi ona belə xəbər verdim: – Mahmud xan Hacı Səməd xanın əmrilə bizi xanın yanına göndərmişdir. Çox rica edirəm ki, qorxmayasınız, qorxulacaq bir şey də yoxdur. Arvad özünü itirdi. Yoldaşlarımız da gəlib içəri girdilər. Qapını dalından bağlayaraq, yoldaşlardan birisini orada qoyub evə doğru irəlilədik. Bir yoldaş da dəhliz qapısında durdu. Həsənağa ilə ikimiz otağa girdik. Xan beliaçıq əyləşib, qəlyan çəkirdi. O bizi görünçə qəlyanı buraxıb soruşdu: – Nə əcəb gecənin bu zamanı təşrif gətirmişsiniz? – Cənab Mahmud xan, həzrət Əşrəfin əmri ilə bizi sizin evinizə göndərmişdir. Siz burada gizlənən inqilabçıları verməlisiniz. – Hansı inqilabçıları? – Qadaşınız oğlanlarını! Biz bunu deyərək Mahmud xan adından apardığımız vəsiqəni göstərdik. Müqtədir xan vəsiqəni oxuyub bizə qaytardı və: – Çox təəccüb edirəm, – dedi, – əcəba, Hacı Səməd xan və cənab Mahmud xan özü mənim inqilabçı olmadığımı bilmirmi? Mən xahiş edirəm ki, mənim qabaqca vəsiqələrimi yoxlayasınız. O bunu deyərək balaca bir sandıqca gətirdi, oradan bir dəstə vəsiqə çıxardı və: – Buyurun, – dedi, – bu vəsiqə qardaşım oğlanlarının inqilabçı olduqlarını bildirmək üçün Hacı Səməd xana yazdığım məktubun surətidir. Bu da bu xidmətimin əvəzində Hacı Səməd xanın mənə iltifat buyurduğu vəsiqə! – Bu kifayət deyil, – dedim, – siz gərək gizlətdiyiniz adamları verəsiniz! – Onları mən gizlətməmişəm, onların özləri Təbrizdən qaçıb gedibdir. Mən özüm də onları axtarıb məhv etdirmək istəyirəm. Yalnız bu gün harada olduqlarını bilmişəm. – Haradadırlar? – Onların Miyandabda olduğunu eşitmişəm. Budur öz əlimlə də məktub yazmışam, sabah aparıb Hacı Səməd xana verəcəyəm. Biz onun Hacı Səməd xana göndərmək üçün yazdığı məktubu da alaraq: – Eybi nədir? Biz məktubu da cənab Mahmud xana verərik, – dedik, – indi buyurub sandıqları açınız! Biz onları axtarmalıyıq. – Nə axtaracaqsınız? – Daha başqa vəsiqələr lazımdır! O, etiraz etmədi. Biz əvvəlcə onun vəsiqə çıxardığı sandıqcanı aradıq. Oradan bir dəstə Amerika dolları, bir paket dolusu ingilis kağız pulu, bir miqdar da rus pulu götürdük. Kağızları da yoxladıq: bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. O bizə belə bir sual verdi: – Pulları nə üçün götürürsünüz? – Pullar bizə lazım deyil, ancaq onların siyahısını tutacayıq. Pullar yenə də özünüzə qaytarılacaqdır. İndi başqa sandıqları açın! Sandıqlardan birisini açdılar, axtardıq, hər nə qızıl və başqa qiymətli daşlar vardısa götürdük. Başqa bir sandıqda olan rus və osmanlı qızıl pullarını da aldıq, onların hamısını böyük bir torbaya yığdıq. Oğlu yatmışdı, arvadı onunla bir yerdə idi, hər işi qurtarandan sonra onun öz üst-başını aradıq, qızıl saatından başqa üstündə heç bir şey yox idi. Ancaq jiletinin içəri cibindən bir qız şəkli çıxdı. Qızın kim olduğunu soruşduqda, o, qardaşı qızının şəkli olduğunu söylədi. Arvadı isə onun üzünə tüpürərək: «Tfu sənin qeyrətinə! – dedi, – oğlunun adına almaq istədiyin qızın şəklini öz qoynunda gəzdirirsən?! Sənə nə etsələr azdır!» Arvad bu sözü söyləyərək əsəbiləşdi və dəlicəsinə stol üzərində qoyulan bürünc şamdanı alıb onun gicgahına elə bərk vurdu ki, Müqtədir xan yıxıldı. Biz əyilib halını yoxladıqda, onun işini bitmiş gördük. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. Biz də dərhal bütün şeyləri götürüb çıxdıq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. İşin həqiqəti belədir ki, dedik. Paralar isə elə boldur ki, onunla bütün mühacirətdə olan yoldaşları təmin edə bilərik. Bu sözlərdən sonra Tütünçüoğlu, xandan alınan vəsiqələri, götürülən pulların və qiymətli şeylərin siyahısını, qızın fotoşəklini mənə verdi. O Nabat xanımın şəkli idi. Mən təcili məktub yazıb Həsənağaya verdim, cib xərcliyini də yanına qoyaraq dedim: – Bu gecə Miyandaba gedərsən, bu məktubu Saleh ağa və Pərvizə verərsən. Bunu bacara bilərsənmi? – Nə üçün bacarmıram, – deyə qalxmaq istədikdə, Saleh ağa və Pərviz ağa üçün də xərclik verdim, vidalaşıb yola saldım. Həsənağa getdi. Gecə saat iki idi. Tütünçüoğluna müraciətlə dedim: – Bu işimiz müvəffəqiyyətlə qurtardı, indi isə sənə məlum olan başqa bir işin dalınca getməliyik! * * * Təbrizin baharı Bu axşam saat 6-dan başlayaraq gecə saat ikiyə qədər Hacı Səməd xanın yanında idim. Müqtədir xanın öldürülməsi və onun evindən külli miqdarda dövlət aparılması onu əsəbiləşdirirdi. O, saat 7-də Mahmud xanı qəbul etdi. – Sənin adamların, rus konsulunun yanında mənim nüfuzumu bir şahılıq edir, – dedi. – Konsulun dediyinə görə, mən Təbriz şəhərini idarə edə bilmirəm, xüsusən mən sənin işlərini də təftiş eləmirəm. Sən şəhərdə hər nə bilirsənsə edirsən. Eşitdiyimə görə gecələr şəhər tamamilə başlı-başına qalır. Səməd xan oturmaq əmri vermədiyindən o, ayaq üstündə durmuşdu. Səməd xanın bu sözləri şəhər komendantına çox pis təsir etmiş olmalı ki, birtəhər özünü toplayaraq titrək səslə: – Həzrət Əşrəf icazə verirsə, müxtəsərcə bir ərzim vardır, – dedi. – De görüm, amma özünü təmizləmək üçün yox! – Müqtədir xanın öldürülməsi məsələsi şübhəlidir, mən adamlarımı beş barmağım kimi tanıyıram. – Tanıyırsan, amma yerlərində oturda bilmirsən! Hacı Xətibin evini kimlər daşıyıb apardı? Əbaçıbaşının qızını evindən kim çəkib apardı? Süleyman xanın arvadını kim soyub qarət etdi? Xəzçilərin evinə soxulub arvad-uşağa kim sataşdı? Divanbəyi nəvəsini çəkib aparan, namusuna təsavüz etdikdən sonra buraxan kim idi? Hacı Murtuzun oğlunu kimlər aparıb gizlətdi? İstəyirsən yenə deyim? Hərgah bu hərəkətlər haramzada inqilabçıların şanına yaraşsaydı, biz bunları da onların boynuna yıxardıq. Lakin mümkün olan şey deyil; buna Təbriz xalqı da inanmaz! Sənə böyük bir şəhəri tapşırmışam. Öz nüfuzumun müqəddəratını sənin əlinə vermişəm, amma sən bundan istifadə edə bilmirsən. – Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, beş nəfər əyri-üyrüsü olmayacaqmı? Əcəba, oğruların təqsirini də mənim adamlarımın üstünə yıxacaqlar? – Oğru oğrudur, məgər sənin adamların oğurlaya bilməz? Hacı Səməd xan yanındakı zəngi basdı, xidmətçi içəri girdi. – Get o arvadı bura gətir, – dedi. Xidmətçi getdi, bir-iki dəqiqə sonra qara çarşafda, ucaboylu bir qadın içəri girdi, baş əydi, salam verib-vermədiyini bilmədim. Heç bir səs eşidilmədi. Hacı Səməd xan çox mülayimətlə ona müraciət edib: – Əyləşin, xanım, – dedi, – lakin doğrusunu danışın. Tütünçüoğlu mənə necə söhbət etmişdisə, elə də, qadın Hacı Səməd xana danışdı. Aparılan şeylərin siyahısını da Tütünçüoğlunun dediyi kimi göstərdi. Hacı Səməd xan aparılan sərvətin qədərini dinlədikdə, acığından lap özündən çıxdı. Qadın Müqtədir xanın öldürməsi məsələsini tamamilə təhrif etdi: – Onlar hər nəyimiz varsa bir torbaya doldurub götürdü, onlar getmək istəyəndə rəhmətlik kişi durub dallarınca çıxmaq istədi, o əlləri şil olmuşların birisi tüfənginin qundağı ilə kişini vurub yıxdı, daha bundan sonra heç bir şey bilmədim, çünki mən də özümdən getmişdim. Səməd xan ona bir sual verdi: – Siz onların Mahmud xandan vəsiqə gətirdiklərini öz gözünüzlə gördünüzmü? – Necə ki, görmədim. Kişi özü alıb oxudu, yenə də o əlləri şil olmuşlara qaytardı. – Çox yaxşı, gedə bilərsən! Qadın getdi. Mahmud xan: – Həzrət Əşrəfin başına and olsun, mən heç kəsə vəsiqə verməmişəm! – dedi. – Hərgah bu hadisədə verməmişsənsə, başqalarında vermisən, hərgah verməsəydin evlərə vəsiqə ilə girmək işi Təbrizdə adət olmazdı. İndi get. Lakin sənə əmr edirəm ki, Müqtədir xanın evindən gedən şeyləri bir qara şahısına kimi tapıb mənə gətirməlisən. Get, hərgah bir də bu cür hadisə üz verərsə, sizinlə başqa cürə danışacağam! Mahmud xan getdi. Sonra Hacı Səməd xan konsula yazılacaq məktubların farscasını mənə verdikdə: – Ağadan çox rica edirəm bu məktubları ruscaya tərcümə eləsin və Nina xanım da makinədə yazıb bizə göndərsin, – dedi. Mən vidalaşıb çıxdım. Balaqurban faytonu Nizamüddövlə bağının qapısında saxlamışdı. Mən faytona minib yola düşdüyüm vaxt Tütünçüoğlunun siqnalını eşitdim. Faytonu saxlatdırdım, onu da özümlə bərabər götürmək istədikdə, Hacı Səməd xanın faytonundan düşən bir qadın da tələsik bağa soxuldu. Tütünçüoğlu yavaşcadan qulağıma pıçıldadı: – Şümşad xanımdır. Hüsni bu gecə həzrət Əşrəfin payına düşmüşdür! Doğrudan da, qadın boyu və yerişindən Şümşad xanıma bənzəyirdi. Saat üçün yarısında evə çatdıq. Hüseynəli əmi samovarla bərabər bir məktub da gətirdi. Məktubu amerikalı qız yazmışdı: «Əziz dostum, sevimli arkadaşım. Şümşad xanım Təbriz bağlarının baharını bir şair kimi təsvir edir. Xüsusən bu gözəl şəhərin bahar mövsümündəki cümə günləri çox maraqlı olurmuş. Təbrizlilər adətincə bahar cümələri «Həkməvar» bağlarına getmək və orada kükü bişirməyin ayrı ləzzəti varmış. Şümşad xanım məni sabahkı «Həkməvar» səyahətinə qonaq çağırır, orada mənə maraqlı səyahətçilər və qəribə mənzərələr göstərməyi də vəd etmişdir. Məni sabah axşam saat beşdə evdə görəcəksən. Səni sevən Hanna». Məktubu oxuduqda qanım başıma vurdu, kəsilə-kəsilə qaldım, çünki nə mən məsələni ona açıq deyə biləcəkdim, nə də qız mənim işarətlərimi anlayacaqdı. Bu səyahətdə yalnız Şümşad xanım deyil, Rəfizadə və başqalarının da iştirak edəcəkləri, həm də Hannanın da bu dəstəyə qoşulacağı şübhəsiz idi. Çünki bu səyahətdən də məqsəd mənə elə gəlirdi ki, ancaq Hannanı ələ gətirmək idi. Mən sakit olmaq üçün öz-özümə deyirdim: «Nəyinə gərəkdir! Qoy nə istəyir etsin, hara gedir, getsin! Bu nə qədər tərbiyəli, alim və sevimli qız olsa da, yenə də: «Nemeslər hamıdan yüksəkdir» – deyənlərdəndir». Lampanın xodunu alıb uzandım, lakin gözümə yuxu getmirdi, məktub rahətimi pozmuşdu. Mən nə qədər istəsəydim də, qızı heç bir vəchlə başlı-başına buraxa bilməyəcəkdim. Bu qərara gəldikdən sonra bir az yuxuladım. Ancaq səhər saat doqquzda qızın evinə getdim. O, səyahətə hazırlanmışdı. Amerikalı centlmen gənc libasını geymiş, tam mənasilə bir amerikalı olmuşdu. Məni görürkən: – Səninlə birlikdə gedəcəyik. İndi Şümşad xanım da, Rəfizadə də gələcəkdir. Yaxşı vaxtında gəldin, – deyə boynuma sarıldı. Mən heç də bunu gözləmirdim. Mən onu bu səyahətdən saxlasa idim, o səbəbini soruşacaq idi, lakin mən ona nə Rəfizadə, nə də Şümşad xanım haqqında bildiklərimi demək istəmirdim, çünki mən bu macaranı axırına qədər öyrənmək, qızı müdafiə eləmək və Ninanın arxasınca düşərək, onu da Hüsni xanım kimi fahişələrlə bir gözdə gören Mahmud xanla hesablaşmaq istəyirdim. Bununla belə ona qəti bir təklif etməli oldum: – Bu gün sən «Həkməvar» bağlarına getməyəcəksən! Qız heç bir söz demədi, əllərini boynumdan çəkərək, soyunmaq üçün o biri otağa getmək istədikdə, mən: – Dur, sözümü dinlə! – deyə, onu saxladım. Qız durduğu yerində quruyub qaldı, mənim bir Şərq kişisi amirliyi ilə dediyim sözlər onu təəccübləndirməyə bilməzdi, çünki birinci dəfəydi ki, o məndən bu cürə qaba rəftar görürdü. Mənim birdən-birə dəyişilməm, onu təhqir belə etməyə hazır olduğum ondan gizli qalmadığından, o şaşırmışdı. O məndən heç nə soruşmağa cəsarət etmirdi. Mən bu axır dəqiqələrin uzun sürməsinə imkan vermədim, çünki onun qaşlarının qovuşduğunu, dodaqlarının büzüldüyünü, boynundakı damarların şişib döyündüyünü görürdüm. Bütün bu əlamətlər isə onun ağlamaq istədiyinin nişanəsi idi. Buna imkan verməmək üçün onun başındakı kepkanı götürüb, əlimi sarı saçlarına çəkdim: – Gözəl və səmimi dostum, – dedim, – sən mənim bu amiranə rəftarımdan darılma! Mən səni başqa bir səyahətə aparmaq üçün gəlmişəm. Mən səni o yoldaşlarından ayırmaq üçün bundan daha başqa bir çarə tapmadım. Birdəfəlik Şərq üsuluna keçdim. Bu gün Təbrizdə «Həkməvar» səyahətindən daha maraqlı bir səyahət vardır. Gecə mən sənin məktubunu almadan əvvəl, səni haman səyahətə aparmağı düşünmüşdüm. Bugünkü at yarışına getmək, «Həkməvar» bağlarına kükü yeməyə getməkdən daha nəşəlidir. Xüsusən burada «Acı çay» kənarındakı bağların da başqa səfası vardır. Bahar zamanında vaxt keçiriləcək yerlərin ən görkəmlisi şəhərin o tərəfləridir. Bizi aparmaq üçün fayton da hazırdır. Amerikalı qız, indi də şadlığından, sevincindən ağlayaraq boynuma sarıldı və birdən hərəkətindən utanmış kimi tələsik məndən ayrılaraq qonşu otağa qaçdı. Mən oturub stol üzərindəki məcmuələrlə məşğul idim, xidmətçi qadın çay gətirdi, çıxıb getmək əvəzinə dayanıb durdu. O, sözü olana bənzəyirdi. Lakin danışdırmaq üçün bəhanə lazımdı, buna görə də mən: – Madam, kefiniz necədir? Kiçik xanımdan razısınızmı? – soruşduqda, qadın: – Çox razıyam, – dedi, – lakin kiçik xanıma kömək lazımdır. Onun dostluq etdiyi qadınlarından şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur. Onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər. Mən yavaşdan: – Qorxmayın, – dedim, – qız onlarla heç bir yerə getməyəcəkdir! Onu başqa bir səyahətə aparacağam. Xidmətçi qadın razı qalıb getdi. Amerikalı qız hələ içəridən çıxmamışdı, onu bir neçə dəqiqə gözləyəcəyimi bilirdim; başqa vaxtlar da belə idi. O, sakit olmayınca, çöhrəsindən göz yaşı izləri tamamilə silinməyincə yanıma gəlməzdi. Mən özümə yük elədiyim bu qızın əlindən qurtarmaq üçün bir yol axtarırdım. Qız çox məğrur bir qızdı. İzzət-nəfsini başqa qızlardan daha artıq sevirdi. Mənim zənnimcə, amerikalı qız yüngül bir təhqir nəticəsində məndən ayrılacaq və bu dəli sevgidən vaz keçəcəkdi. Lakin sonradan gördüyüm kimi zənnim boşa çıxdı. Amerikalı qıza qarşı qaba hərəkətdə bulundum, onu təhqir etdimsə də, əhəmiyyət vermədi, deyəsən, sevgi onun qürurunu öldürmüşdü. Mən qadın xarakteri üçün bir ülgü qəbul etməkdə yanıldığımı dərk etdim. Qadının xüsusiyyəti, təbiəti, bir avropalı qızının geyimi, modası qədər müxtəlifdir. Hərgah məğrur qadınların bəzisi öz sevdiyindən gördüyü qaba bir hərəkət nəticəsində ondan soyuyur, bəlkə də, həmişəlik ayrılırsa, digər bir məğrur qadını, həmən hərəkət öz sevdiyinə daha da yaxın edir. Qadınlar arasında «filankəs məni sevməsəydi, filan hərəkətimə mane olmazdı, qısqanmazdı», – deyənlər azdırmı? Miss Hanna da belələrindəndi. O da sevginin bir ünsürünün qısqanclıq olduğunu irəli sürənlərdəndi. Məcmuələri bir tərəfə buraxaraq öz-özümə: «Sevgi xəstəlikdir – dedim. – Bu xəstəlik öz dövrünü keçirməyə məcburdur. Onu heç bir dərman yarı yoldan qaytara bilməz. O müəyyən bir vaxta qədər bütün ağrı-acısı, zövqü və nəşəsi ilə davam etməlidir!» Xırdaca stəkanın çayını içib qurtararkən, sevgi xəstəsi olan miss Hanna içəri otaqdan çıxdı, yanımda oturdu, xidmətçi qadını səsləyərək çay istədi. Mən onun xidmətçi uşağı ilə Məşədi Kazım ağaya belə bir məktub göndərdim: «Məşədi Kazım ağa! Bu gün «Acı çay» kənarındakı at yarışına gedəcəyəm. Faytonu təcili surətdə göndərəsiniz. Bəlkə, nahara qayıda bilmədik. Zənbildə bir az yemək də göndəriniz». Məktubu yolladıqda qız: – İndi ki, bir az vaxt vardır, gəl mənim sərgimə bax! – deyə, qolumdan tutub məni ayağa qaldırdı. İş otağına girdik. Orada qoyulan boş bir stolun üzərində, qızın bütün qiymətli şeyləri düzülmüşdü. Doğrudan da, qızın təbirincə bu «sərgi» olduqca zəngin idi. Burada qızın özü ilə Amerikadan gətirdiyi, mənimlə tanış olduğu zamandan bəri hədiyyə aldığı və öz parası ilə əldə etdiyi qiymətli şeylərin hamısını görmək mümkün idi. Orada mənim bir daş qələmim və sair şeylərim də var idi. Mən ona sual verdim: – Bu gözəl və zəngin sərgini sən özünmü düzəltdin? – Doğrudan da, sərgi gözəldirmi? – Çox!.. – Bu sərgini düzəldən Şümşad xanımdır. – O sənin bu qədər zəngin şeylərə malik olduğunu haradan bilirdi? – Ona bu şeyləri mən özüm göstərmişdim. – Sərgini nə münasibətlə düzəltdiniz? – O dedi ki, mən də öz zinətlərimdən sərgi düzəltmişdim. Sənə də elə bir sərgi düzəltmək lazımdır. Mən heç bir söz söyləmədim. Şümşad xanımın bu sərgini düzəlməkdə məqsədi bəlli idi. O bu şeyləri bağlı sandıqdan çıxarmaq və hazırda qoymaq, lazım olduğu zaman çalıb aparmaq hazırlığını görmüşdü. Qız mənə müraciətlə: – O qadın qayət sənətkar bir qadındır, – dedikdə mən: – Onun sənətkar olmasına şübhəm qalmadı, – dedim. – Onun xasiyyəti də özü kimi gözəldir. O özünü mənə bir doğma bacı kimi sevdirmişdir. Mən daim onun haqqında düşünürəm, çünki Rəfizadə ona layiq kişi deyildir. Onun gəncliyi Rəfizadənin əli ilə məhv ediləcəkdir. Bu qafil qıza mənim yazığım gəlirdi, çünki mən bilirdim ki, Şümşad xanım hər gün ona daha başqa müştərilər tapır. Son günlər Şümşad xanım amerikalı qızı Səməd xanın fərraş başçısı Qulusultana da vəd eləmişdi. Rəfizadə, Mahmud xan və Qulusultanın qızın ətrafında bərk mübarizəsi gedirdi. Bunların üçü də Şümşad xanımı tələsdirib, məsələnin tez bitməsini tələb edirdi. Mən miss Hannanın əlini sıxaraq: – Sənin Şümşad xanımla başladığın bu dostluğun səadətlə nəticələnməsini arzu edirəm! – dedim. Miss Hanna Şümşad xanıma, Şuxşəng, Pərirux və Səlimə xanıma ən gözəl sifətləri yozmağa başlamışdı. O, belə qadınlarla tanış olmaqla özünü xoşbəxt hesab edir, Təbriz və xüsusən Şərq qadınlığını bu dörd nəfərin şəxsiyyətində öyrənə biləcəyini düşünürdü. – Mən bu dörd qadından aldığım təəssüratımı bir kitab şəklində yazacağam. Amerikada indiyə qədər Şərq qadınlığı müsbət bir şəkildə xalqa tanıdılmamışdır. Mən gülümsəyərək: – Doğrudan da, sənin bu qadınlardan aldığın təəssürat bir kitab şəklində çıxmalıdır? – dedim, – bu barədə mən də sənə kömək edə bilərəm. Miss Hanna isə Şümşadı tərifləməkdən yorulmurdu. – O, gözəl fal açır, gələcəyi, keçəcəyi xəbər verir, insanı heyrətə salır. Hələ Şuxşəng xanım ondan da mahir bir fal açandır. Şümşad xanım sənin haqqında da mənə bir çox sözlər söyləməkdədi. Təcrübəli qadındır! Qız əlləri döşündə otağı dolaşır və qaraçı qızını mədh edirdi. Miss Hanna başdan çıxarılmaqda idi: Şümşad xanımın miss Hannanı da, Kələntərin nəvəsi kimi falına baxmaq bəhanəsi ilə aparacağı, yüksək bir qiymətə satacağı aşkar idi. Getmək vaxtı idi. O, stol üzərindəki iş qovluğunu yığıb sandığa qoyarkən, bir bağlı kağızı göstərərək: – Bu olduqca qiymətli bir yazıdır, sən bununla maraqlanmırsanmı? – deyə soruşdu. – Mən sənin özünlə, sözlərinlə, sənin hər bir işinlə maraqlanıram, çünki sənin bütün varlığın özü adamda maraq oyandıracaq bir varlıqdır. Qız bağlı kağızı açmaq istədikdə, fayton qapıda dayandı, qız da kağızı cibinə qoyaraq: – Yolda oxuyarıq, – dedi. * * * Fayton hələ qapıdan o qədər də uzaqlaşmadan miss Hanna İran parlamanına başlanan seçki hazırlığından söhbət açaraq dedi: – Tehranda seçki hazırlığına başlanmışdır. Təbrizdə seçki başlanması ətrafında çar diplomatlarının arasında ixtilaf vardır. Rusiyanın Tehran səfiri Azərbaycan üçün nümayəndələrin Tehranda seçilməsini məsləhət görür və belə düşünür ki, Azərbaycan nümayəndələri Tehrandan seçilər və hərgah nümayəndələr rusofillərdən keçməzsə, o vaxt Rusiya hökuməti bu seçkilərin qanunsuz olduğunu isbatla, seçkiləri ləğv edərək, Təbrizin özündə seçkilər təşkil edər və öz tərəfdarlarını keçirərlər. Bu fikrə Rusiya xariciyyə naziri Sazonov etiraz edərək, bununla İngiltərəni narazı salmaq mümkündür deyir. Biz bir neçə gün əvvəl İngiltərinin Rusiyaya verdiyi etiraz notasının bir nüsxəsini ələ gətirmişdik. Notada ruslar Azərbaycanı İrandan ayırmaqda, Hacı Səməd xanın sərbəst hərəkətinə imkan verməkdə, onu Tehran hökumətini tanımamaqda müdafiə eləmək və bununla da 1907-ci il müqaviləsinin ziddinə hərəkət etməkdə təqsirləndirir. Dünən xariciyyə naziri Sazonovdan Tehran səfirinə göndərilən gizli teleqramın Təbrizə göndərilən surətinin bir nüsxəsini ələ keçirmişik. Teleqramda Hacı Səməd xanı Azərbaycanda seçkilərə başlamağa məcbur etmək qərara alındığı göstərilir. Miss Hanna bunu söyləyərək teleqramın surətini çıxardı. Xariciyyə naziri Sazonovdan Tehran səfiri Korostovsevə 5 nömrəli teleqram. «82 və 91 nömrəli teleqramlar alınmışdır. Azərbaycan üçün seçiləcək məclis nümayəndələrinin Tehranda seçilməsi, bizim nöqteyi-nəzərimizdən arzu olunmayacaq bir işdir. Bu cəhət Hacı Səməd xanın mərkəzə tabe olmaması siyasətinə əngəl törətmiş olur. İşlər belə olduqda, biz bu gərəkli və fəaliyyətli adamı itirə də bilərik. Onu saxlamaq çətinləşər. Biz Azərbaycan üçün nümayəndələrin Tehranda seçilməsinə razı olursaq vaxtında daha seçkilərin qanunsuz olduğunu göstərə bilmərik. Etiraz etməyə də haqqımız olmaz. Belə olduqda insafla demək lazımdır ki, iranlıların bizə, «buna nə üçün əvvəlcə etiraz etmədiniz?» deməyə haqları olar. Nümayəndələrin Tehranda seçilməsi bir çox münasibətsizliklər üçün əsas yaradır. Tehranda bizim arzu etmədiyimiz bir çox adamlar da seçilə bilər. Buna görə də seçkilərin Azərbaycanda aparılması üçün Hacı Səməd xana təzyiq etmək və bu yolda məqsədə nail olmaq lazımdır. Surəti Təbrizə. Sazonov». Miss Hannada inqilab duyğusu yox idi; o bütün bu xidmətləri ilə Rusiya mənafeyinə əngəl törətmək, onu ifşa etmək və bir iranlı kimi də məni razı salmağa çalışırdı. Doğrudan da, bu böyük bir xidmət idi. Bununla biz seçkilər zamanı rus tərəfdarlarının məclisə seçilməsi işinə lazımi qədər əngəl törədə bilərdik. Bu barədə Təbriz xalqına müraciətnamə yazmaq və Hacı Səməd xanın son fırıldaqlarını ifşa etmək qərarına gəldim. Faytonumuz «Acı çay» kənarına yaxınlaşırdı. Böyük, kiçik, kişi və qadın tamamilə «Acı çay» kənarı tərəflərində idi. «Əmir bağı», «Çeşməli bağ», «Daş qapılı bağ» və sair bağların ətrafında gəzənlərin həddi-hesabı yox idi. Söhbətimiz şirin olduğu üçün uzun yolları nə cür gəldiyimizi bilməmişdik. Mən Məşədi Kazım ağanın faytonçu ilə göndərdiyi məktubu, ancaq «Çaharrah» qəbiristanından keçərkən açıb oxudum. «Əziz yoldaş! Faytona yemək qoymadım. Siz gəzmək üçün söz yoxdur ki, «Üç dəyirmanlar» və «Yekə dükanlar» qabağına gedəcək, səyahətdən qayıdarkən naharı Hacağalar bağında yeyəcəksiniz. Əqəl Kazım». «Acı düz» atlılar və piyadalarla dolmuşdu. Yarışa bir çox qiymətli atlar çıxarılmışdısa da, işdə böyük bir təşkilatsızlıq nəzərə çarpırdı: hər kəs istədiyi adamla yarışırdı. Burada, hər şeydən artıq, iki yüz nəfərə yaxın olan Marağa atlılarının həyasızlığı nəzər-diqqəti cəlb edirdi. Miss Hanna bağların ətrafında əyləşib kef edənlərə baxmaqdan yarışa tamaşa etməyi üstün tuturdu. Buna görə də faytonun başını çevirib bağların yanına qayıtdıq. Tiryək çəkənlər, oxuyanlar, çalanlar və şərab içənlər dəstəsi süfrəsini göy otların üstündə salıb oturmuş və yoldan ötənləri öz süfrələrinə dəvət edirdilər. Biz saat üç tamamda Hacağalar bağının qabağında idik. Tütünçüoğlu yol üstündə durub bizi gözləyirdi. Onu da yanımıza alaraq Hacağalar bağına apardıq. Mən bu bağı görməmişdim. Doğrudan da, bağın gözəlliyi məni heyrətə saldı. Xüsusən miss Hanna əlvan çiçəklər örtüsünə bürünmüş meyvə ağaclarını gördükdə, bağdan qalxan xoş rayihəni udmaq üçün bir neçə dərin nəfəs aldı. Məşədi Kazım ağanın nahar süfrəsi, izdihamdan çox kənarda, xiyabanda düzəlmişdi. Xiyabanın hər iki tərəfini yeni açılmaqda olan xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. Məşədi Kazım ağanın gördüyü bu hazırlıq bizi tamamilə heyrətə saldı; evdə düzələ biləcək bir nahar süfrəsi üçün hər nə mümkünsə, burada hazır idi. Süfrəyə düzülmüş yeməklərin bir çoxunun adını eşitməmişdim. Amerikalı qız: – 41 cür! – deyərək, süfrədə olan yeməkləri göstərdi. Doğrudan da, Məşədi Kazım özünə milyonlar qazandıran və özünün bundan heç də xəbəri olmayan amerikalı qızın şərəfinə təntənəli bir nahar ziyafəti düzəltmişdi. O, qıza müraciətlə: – Kiçik xanım bağışlasın, bu nahar süfrəsi ona layiq deyildir; hərgah bir gün əvvəl xəbər vermiş olsaydı, layiqli bir ziyafət düzəldərdim, – dedi. Qız hansı tərəfə baxacağını bilmirdi. Mütrib Məcid ağanın oxuması və oynaması onun nəzərini ən çox cəlb edirdi, çünki o, Şərq kitablarında oxuduğu mütribi ancaq indi canlı həyatda görürdü. – Bu nə qədər yüksək bir sənətdir! – dedikdə mən: – Hələlik Şərqin incəsənəti, özünü toylarda, oyunlarda və küçə əyləncələrində göstərir, – dedim. – Əslən çox zəngin olan Şərq incəsənətinin bütün yüksəkliyini və məziyyətini yalnız onun təşkil olunduğu və səhnələrə keçirildiyi vaxt görmək mümkün olacaqdır. – Bəs nə üçün bu mütrib qadın paltarı geymişdir? – Çünki Şərqdə qadınlar açıq deyildir. Kişilər cəmiyyətdə açıq qadın görmədiyindən, gənc oğlanların qadın libasına girməsi tamaşaçı üçün maraqlı olur. Zənnimcə, Şərq kişiləri, incəsənət səhnəsində açıq qadının çıxışını gördükdən sonra, mütrib məclisləri get-gedə öz nüfuzunu itirəcəkdir. Şərq kitablarında, xüsusən incə söz ustadı Hafiz və Xəyyamın əsərlərində göstərilən mütriblərə gəldikdə, onlar sənin gördüyün bu mütriblərdən deyil. Mütrib – tərəb sözündəndir, şadlıqverici və incəsənətin yüksək nümunələrini göstərən deməkdir. Lakin söz təhrif edilərək mütrib adı, əxlaqı pozulmuş və şəhvət aləti kəsilmiş ünsürlərə verilmişdir. Miss Hanna: – Yaxşı oldu ki, bu gün sən məni başqaları ilə səyahətə getməyə qoymadın. Yoxsa mən bu gözəl əyləncələrin zövqündən məhrum olacaqdım! – dedi. – Orijinal Şərqi və orijinal Şərq alətlərini görmək nə qədər nəşəlidir. Bu vaxt bizə bir dəstə qaraçı qızı yanaşdı, dəfələrlə oynadıqdan sonra da, əllərini açaraq pul istədi. Gənc və gözəl bir qaraçı qızı da miss Hannaya yanaşaraq: – Gözəl qız, – dedi, – nəzərini qoy ovcuma ürəyindəkiləri deyim. Mən bunu miss Hannaya anlatdım. O, iki qran çıxarıb qızın ovcuna atdı. Qaraçı isə miss Hannanın barmaqlarından tutaraq əlinin içinə baxdı və onun qəlbindəkiləri danışmağa başladı: – Gözəl qızsan, canların canına, dünyanın malına dəyərsən. Qəlbində bir dərdin vardır. Amma onu heç kəsə inanıb deyə bilməzsən. Özün çox qəlbinaziksən; hamını da elə bilirsən. Sən birisini sevirsən, o da səni sevir; arada düşmən əli var; dalınca zəhərli dillər danışır, səni bir qorxu gözləyir, amma sən o qorxudan qurtaracaqsan. Əlin açıqdır, hər kəsə yaxşılıq edərsən, amma əvəzində yamanlıq görərsən. Evində çörəyini yeyib dalınca danışanlar vardır. Özün gözəlsən, bəxtin yoxdur. Bir qaragözlü arvaddan qorx! Gözəl qız, dünyanı bal eləyib xalqa yalatsan, axırda yenə sənin barmağını dişləyərlər... Qaraçı qızı ümumi sözlərdən yüzlərcə saydı, miss Hanna isə qəhqəhə ilə gülərək: – Elə bil bu sözləri Şümşad xanımdan öyrənmişdir, – dedi, – o da mənə fal açanda həmin sözləri deyirdi. Bu da qurtardı. İndi də durub bağı gəzməyə başladıq. Hər bir dəstənin yanından keçərkən, bizi hörmətlə süfrəyə dəvət edirdilər: – Bu həqir süfrəmizi müzəyyən buyurun! – Xidmətinizdə ola bilərik! – Bizi sərəfraz buyurun! – Bizimlə də bir parça nan-pənir meyl buyurun. – Əziz qonağımız ola bilərsiniz. – Bu kasıb oğlanlarla da bir neçə dəqiqə vaxt keçirin! – Özünüz, qardaşımız, xanımınız isə bacımızdır, əyləşin, başımızı uca edin! Bir nəfər məni görürkən başına hərəkət verərək bu şeiri oxudu: «Qovtim bahar ayəd eyşi bekonim, Səd bar bahar ayəd bi ma güzərəd». Biz sərxoşluq edən dəstələrin də yanından keçirdik, onların danışıqları başqa məzmunda idi: – Qafqazlısan, namusuna qurbanam! – Kişisiniz, sizə nökərçiliyimiz vardır. – Allah mənə ölümü Bakıda qismət eləsin! – Qurbanam sizə. Qoyun heç olmasa bir saatlığa dünyanı yadımızdan çıxaraq. Onlardan biri piyaləsini mənə göstərib dedi: – Sizin və Səttar xanın şərəfinə içirəm, tüfəngi qoyub gilası götürmüşəm, vaxt olar ki, yenə də tüfəngi ələ alarıq. Oradan sürətlə ötüşdük. Axşam saat səkkizə qədər bağı gəzdik. Sonra faytonlara oturub şəhərə qayıtdıq. Mən Tütünçüoğluna sabah axşam qaraçı evindəkiləri öyrənməyə gedəcəyimizi xəbər verib ayrıldım. * * * Tiryək məclisi Biz «Qaraçı məhəlləsi»nə girənə qədər, ancaq bazar qarovullarının: – Kimdir o? – Tərpənmə, pişto açıldı! – Əlini qıfıla uzatma! – Ayığam! – deyə, çığırdıqlarını eşidirik. «Qaraçı məhəlləsi»nə girdiyimiz vaxt səslər tamamilə dəyişdi: burada kamança, dəf, tar, dünbək və ney səsləri ucalırdı. Hər evdən bir cür nəğmə eşitmək olardı: Birisində: «Gedirəm Bağdada mən, Yar əlindən dada mən». İkincisində: «Gedirəm Sərdəştə mən, Olmuşam sərgəştə mən». Üçüncüsündə: «Keçirdim küçədən dindirdi məni, Açdı gül camalın güldürdü məni». Dördüncüsündə: «Görüm xarab olsun Şəşgilan yolu, Gedəndə boş gedər, gələndə dolu!» kimi nəğmələr oxunurdu. Təbriz gecəsinin sakit qulaqlarında, təbrizli Hümmanın: «Təbriz mara, bacayi can xahəd bud, Hər ləhzə mara virdi zaban xahəd bud. Ta dərnakəşəm abi Cərəndab, Gecil, «Sürxab» ziçəşmi mən rəvan xahəd bud!» rübailəri canlanırdı. Şümşad xanımın qapısı bağlıydı: içəridəki sərxoşların səsi və mənasız sözlərin gurultusu eşidilirdi. Tütünçüoğlu divardan düşüb qapını açdı, həyətə daxil olduq. Evin qapısını həyətdən bağladıq. Yenə də arxayınlıq üçün həyəti aradıq və orada heçə kəsi görmədik. Otaqda Qulusultan, Nayib Cavad, Mahmud xan, Rəfizadə, Abasxan bəngi, Əfəndi tiryəki, Yasınxan tarçı və başqaları vardı. Qızarmış manqallar aralıqda idi. Hər kəsin başı bir qadının dizi üstündə, qadınların əlində maşa, tiryək hoqqalarını alışdırırdı. Bu gün yenə də Şümşad xanım Mahmud xanın qucağında idi. Mahmud xan sərxoş idi: – Ay yalançı cində, bəs sarısaçlı amerikalı qız harada qaldı? – dedikdə qaraçı qızı əlini onun qırxılmış başına çəkərək: – Sənə qız gətirəcəyəm ki, – dedi, – göz muncuğundan incədir, kor gözə qoysan açılar, üzünə milçək qonsa ayaqlarının yeri qalar, gözlərinin giləsi yetişmiş sarı gilas danəsinə oxşayır. Telləri elə bil gülabətindir. Belə bir gözəli tapmaq çox çətindir. Əndamı şəkər, dili qaymaqdır, barmaqları elə bil ki, bir dənə konfetdir. Hələ onu güləndə görəsən, danışanda eşidəsən. Budur bax, şəklini də çalıb gətirmişəm. Şəkli çıxarıb Mahmud xana verdi. O, beş dəqiqə şəklə baxdı, onu sinəsinə basdı, dodaqlarına apardı. Otaqdakıların hamısı şəkil ilə maraqlanır və baxmaq üçün onu Mahmud xandan istəyirdilər. Lakin Mahmud xan onu əldən buraxmırdı. Axırda Rəfizadə: – Cənab Mahmud xan, bizim qızın şəklini buraxın bura, canın üçün başdan ayağa tiryək məzəsidir. Sağlıq olsa onu da burada görəcəksiniz. – dedikdə Mahmud xan: – Siz öləsiniz bütün Təbrizə dəyər! – dedi və sonra da Rəfizadəyə müraciət edərək: –Ay heyvan, – dedi, – sən heç utanmırsan o ponza bığlarını ağ çiçəyin üstünə qoymaq istəyirsən? Rəfizadə: – Cənab Mahmud xan, sən məni qızın gözündə görməlisən. O həmişə məni «möhtərəm cənab» deyə çağırır, – dedikdə, Qulusultan: – Sənə deyirəm şəkli ver bura görüm! – dedi, – şəkli alıb baxdı və Rəfizadəyə dönərək: – Bunu mənsiz yeyənin bığını kəsərəm! – dedi və Xoşu xanımın dodaqlarından öpdü. – Döyüşməyin, hamınıza kifayət edər. Onu gətirəcəyəm. Qulusultan: – Əvvəlcə mənimdir, – dedikdə, Mahmud xan qışqırdı: – Birinci mənəm, ikinci sən, üçüncü Nayib Cavad, dördüncü Rəfizadə. Mahmud xan əlindəki hoqqanı sümürüb səsləndi: – Ağayan, mən bürəftəm. Otaqdakıların hamısından bu səs çıxdı: – Ağayan, ma həm bürəftim. Hoqqaları sümürməyə başladılar. Çar Təbrizinin «qəhrəmanları» var qüvvələri ilə tiryəkin tüstüsünü sümürüb evin mühitinə püskürürdü. Tüstü evi elə doldurdu ki, bir ara evin içində heç bir şey görünmədi, yalnız səslər eşidildi. Az keçəndən sonra şüurlar uyuşmağa, səslər də qarışmağa, anlaşılmamağa və danışıqlar sayıqlamaya oxşamağa başladı: – Bütün kainatı gözümün bir giləsində yerləşdirmişəm. – Mən dünyada yerləşə bilmirəm, amma dünya məndə yerləşə bilər. – Məhəmmədəli şah döşəyimin altına girib padşahlığını axtarır. Taxt Xoşu xanımın başında, tac mənim altımdadır. – Bu sözləri Mahmud xan deyirdi. – Başını əy! Buludlar alnını parçaladı, a gədə, yavaş sür! Ulduzlar eşşəyin ayağına dolaşanda börküm düşür, ayağımı üzəngiyə qoymağı görəcəksən. – Bu sözlər də Qulusultanın sözləri idi. – Dünya gör nə qədər nazikləşmiş ki, hoqqanın deşiyindən girib, çubuğun içərisi ilə qalxır və beynimə gedir, dünyanı uduram... – Mən nə qədər alicənabam. Çəkil o tərəfə, böyrümü yaxşı sürt. O suyu kəs! Corabım islandı. – Olmaz! Vücuduma mələyikələrin qanadları toxunanda yata bilmirəm. Həsənəli məni tut, deyəsən, bu körpü tərpənir. Qıdığım gəlir. – Abiduğ? Baba bu nədir? Ayağını çək o yana! – A qız, diş çöpü gətir, o dağı börkümün təpəsindən götürüb at. – Əlli dörd padşahın iltimasını gətiribdir. Açın qapını girsinlər, zənən xeylağıdır, başmaqları dəyişikdir. – Əlimdən öpmək olmaz, barmağıma fındıqca qoymuşam. – Məmləkət mənimdir, istəsəm qoyaram, istəməsəm yox! – Qapının kilid yerindən çıxıb getdim, əlimi atan kimi ayın başı keçdi əlimə. Gədə köpəkoğlu, mən kəllə yeyən adamam? – Çəkil o tərəfə üzürəm. Pərdəni sal gün gözümə düşür, gədə, qətifəni gətirin. Ülgücü düzəltməmisən namərbut. – Ağırlaşmışam, yer əyildi, bu tərəfimdə otur, gədə, əl suyunu biləyimə nəyə tökürsən? – Evin səqfi yavaş-yavaş qalxır, göyün dəryaları axıb manqalın üstünə tökülür, birçəklərimi dara. – Hələ səbir elə. Gədə, Məmmədqulu, aftabanı gətirib təharətimi tut! Fitəmi bağla! – Tərpənmə, düşərsən. Yer dönür, qazançanı başımdan çıxar! – Nasirul-islam nə zənqəhbədi? Köpəkoğlu Musa xan qəlyanı susuz gətiribdir. Səslər get-gedə azalır, nəşələr yuxu şəklini alır, otaqdakılar sanki tiryək tüstülərinin yorğanı altına girib uyumağa başlayır. Biz ancaq qadınların manqalları dəhlizə daşıması və yorğanların tiryək çəkənlərin üstünə salınmasını görürdük. Saat üçdə oradan qayıdarkən, Tütünçüoğluna qaraçı qızlarını təqib etmək işini tapşırdım. Bu sözüm üzərinə Tütünçüoğlu dərin bir ah çəkərək dedi: – Mənim bəxtim beledir. Mən gəncliyə ayaq qoyduğum gündən bəri bu qaraçı fahişəsinin dalınca gəzirəm. Hələ məşrutə-zad yox idi. Mən də məhəllədə bir iyid sayılırdım. Haman bu Hüsni xanım da Külçətəpə kəndindən təzəcə köçürülüb ata-anası ilə Təbrizə gəlmişdi. Az bir zaman içində qaraçı qızının gözəlliyi bütün Təbrizdə məşhur oldu. Təbriz cayılları hər yerdən axışıb «Qaraçı məhəlləsi»nə gəlirdi. Lakin bir nəfər də olsa onun üzünü görə bilmədi, çünki mollalar, müctəhidlər, əyan, tacir, mülkədar və hökumət məmurlarının ona verdiyi para, Təbriz cayıllarının heç birisində tapılmazdı. Bir gün həmin bu yerdə iki Qələ cayılı ilə bərk vuruşmamız düşdü. O zaman hələ naqan-zad yox idi: yanımda ancaq bir dəşnəm, iki dənə də piştov var idi. Bir piştovu boşaldıb qaçdım, gördüm ki, dalımca gəlirlər, o biri piştovu da boşaldıb aradan çıxdım. Bir azdan sonra dönüb arxama baxdıqda, hələ havadan əski parçaları yağırdı. Məni burada gülmək tutudu, Tütünçüoğlundan soruşdum: – Bunları nə üçün Külçətəpədən Təbrizə köçürdülər? – O zaman belə bir xəbər çıxdı. Guya Külçətəpə kəndi Kərbalaya gedən yolun üstündədir. Bütün zəvvarlar orada mənzil etməyə məcburdur. Bu kəndin xalqı isə tamamən qaraçıdır. Onlar zəvvarları yoldan çıxarırlar, bir çoxunu qorxulu xəstəliklərə salırlar. Belə bir qəzavü-qədər də Təbriz müctəhidi hacı Mirzə Həsən ağanın başına gəlmişdi. O, Kərbəlada bütün müctəhidlərlə görüşüb Müzəffərəddin şaha bir ərizə vermiş, külçətəpəlilərin oradan köçürülmələrini xahiş eləmişdi. Buna görə də Külçətəpə və Tikantəpə qaraçıları köçürüldüyü vaxt bir neçə ev də Təbrizin hissəsinə düşmüşdü. Bu gün Təbriz qadınlığı adına bütün fisqfücuri törədən haman qaraçı qadınlarıdır. * * * Ziyarətgahlar və siğəxanlar Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi. Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş. Hələ süfrə döşənməmiş, Tütünçüoğlu qapını açıb içəri girdi. Mən ona müraciətlə: – De görüm, nə iş gördün? – dedim. – Amerikalı qızın ətrafındakıları lazımı qədər təqib edə bildinmi? Tütünçüoğlu: – Səhər azanından indiyə qədər dilimə heç bir şey dəyməmişdir, qarnımı düzəltməmiş danışa bilməyəcəyəm! – dedi. – Axşama qədər qaraçı fahişələrinin dalınca gəzmişəm. O, plov nimçəsinə hücum etdi, bərk acdığından nə cürə yeyəcəyini də unutmuşdu. Xörəyi ikiəlli yeyirdi. Plovun xuruşunu, höyücunu bir-birinə qatmışdı. Onun plova vurduğu şapalaqlar o qədər tamaşalı idi ki, biz hamımız əlimizi xörəkdən çəkib ona baxırdıq; o isə vecinə almır, hərdən bir: – Bu saat qurtarıram, – deyir, sonra yenə də başını məcməyinin üstünə əyirdi. Beləliklə, duzdan başqa məcməyidəkilərin hamısını təmizlədi, özünü düzəldib belini boşaltdı, bir nəfəs aldı və reyhan toxumu ilə qayrılmış şərbətdən də bir-iki stəkan içdi, bir neçə yol gəyirib rahatlandıqdan sonra nazik bığlarını sığallayıb başladı: – Yaxşı qulaq asın. Sizə yaxşı qəmədiyə nağıl edəcəyəm. Görün bu gün mənim başıma nə gətiriblər. Səhər azanına bir az qalmış yuxudan ayıldım. Yadıma düşdü ki, qardaşın tapşırığına görə, qaraçı qızlarını təqib etməliyəm. Tez qalxdım, üzümü yudum, küçəyə çıxdım. Küçədə yalnız mürgüləməkdə olan qarovulları, bir də qüsl üçün hamama yüyürən möminləri görürdüm. Mən qaraçılar dərbəndinə girərkən kibrit çəkib saatıma baxdım, sübh azanına az qalırdı. Qaraçı qızının qapısını kəsdim. İçəridəki kef məclisi təzəcə qurtarırdı. Qulaməli və Məcid mütrib hamıdan əvvəl çıxıb getdi. Bundan sonra Məcidin aşığı Hacı Ələkbər kampaniyası dışarı çıxdı. Bu zaman həzrət Sahib məscidinin minarəsindəki azançı: «Lailahə illəllah» – deyib qışqırmaqda idi. Hacı Ələkbər əlini saqqalına çəkərək: – Lailahə illəllah, həqqən həqqa, – deyə salavat çevirdi və dua oxuya-oxuya qaraçı qapısından uzaqlaşdı. Ən sonra Mahmud xan çıxdı. O, sərxoş idi, bir neçə qadın da bir-bir çıxıb hərəsi bir tərəfə qaçdı. Hamısının üzündə rübənd var idi. Gündüz saat 11 tamama qədər qapının ətrafında gəzib dolaşdım. Saat 11-də qaraçı qızı, yanında da Yasın xan dışarı çıxdı. Dallarınca düşdüm. Onlar getdikcə mən də getdim. Ağa, nə başınızı ağrıdım, onları Ermənistana qədər gətirdim. Yasın xan «Sona bacı»nın meyxanasına girdi, qaraçı qızı isə həyətə daxil olub oradan dal qapının vasitəsilə meyxananın içəri otağına daxil oldu. Mən bir saata qədər orada gəzdim. Bir gözüm meyxana qapısında, o biri gözüm isə həyət qapısında idi. Saat birdə onlar yenə də ayrı-ayrı qapılardan çıxdılar. Yasın xan fırlana-fırlana bir tərəfə, qaraçı qızı da başqa tərəfə hərəkət etdi. Mən qaraçı qızının dalınca düşüb düz doğru «Seyid İbrahim» məqamına girdim. Qadın orada durdu, mən də dayandım. Bu qadın nə üçün içəri girmir? – deyərək fikrə getmişdim. Dedim ki, yəqin bu bir adama vədə vermiş və burada durub onu gözləyir. Bir də gördüm ki, «Seyid İbrahim» məqamının mücaviri (xidmətçisi) molla Sadıq ziyarətgahın qapısından çıxdı və qaraçı qızına işarə olmaq üzrə əlini saqqalına çəkdi. Qaraçı qızı onu hesaba almayıb ziyarətgaha girmədi, molla Sadıq ikinci dəfə çıxıb əlini saqqalına çəkdi, bu dəfə hələ bir göz də basdı, başına hərəkət verdi. Müxtəsər, cürbəcür oyunlar çıxardı, amma zalımın qızı yerindən tərpənmədi ki, tərpənmədi. Bir saatdan sonra, qaraçı qızına rübəndli bir arvad yaxınlaşdı. Hər ikisi birlikdə ziyarətgaha doğru irəlilədilər. Onlar bir-biri ilə danışmırdılar. Məqbərəyə girdilər, dallarınca mən də içəri soxuldum. Onlar ziyarət məhəllinə girməyib, birbaş molla Sadığın otağına tərəf getdilər. Mən kənarda durub gözümü otağın qapısına zilləmişdim. Məndən başqa yenə də duranlar var idi, gözləyən, görüşən qadınlar, kişilər, həddindən artıq idi. Məni bağışlayın, bu müqəddəs fahişəxanada böyük bir alış-veriş gedirdi. Yarım saatdan sonra «Seyid İbrahim» qəbiristanında Quran oxuyan molla Ələsgər də həyətə girdi. O tərəf-bu tərəfi gözdən keçirdi və molla Sadığın otağına soxuldu. Mən yenə də durub qapıya baxırdım. Məndən bir az o tərəfdə, ölüyuyan Hacı Əhməd də durub arvadlar girən qapıya tərs-tərs baxırdı. Amma o öz halında deyildi: tez-tez çubuğunu doldurur və boşaldırdı. Hacı Əhməd də, mən də durmaqdan təngə gəlmişdik. Bir çox fasilədən sonra qaraçı qızı ilə bərabər Əsgər Davatgəroğlu molla Sadığın otağından çıxdı. Mən görünməmək üçün özümü tələsik gizlətdim. Amma onların hamısını görürdüm. Hacı Əhməd çubuğunu qaldırıb qaraçı qızı Şümşad xanımın üstünə hücum etdi: – Qaraçı qəhbəsi, sənin saçlarını kəsdirəcəyəm. Mənim arvadımı yoldan çıxardıb bu cür lotulara satırsan?! – dedikdə Davatgəroğlu: – Kəs səsini tiftək çakəş! – dedi. – Bu saat bığlarını kəsərəm. Bu halda molla Sadıq və molla Əsgər də Hacı Əhmədin arvadı ilə bərabər otaqdan çıxdılar. Həyətdə qiyamət qopmuşdu, Hacı Əhməd irəli atılıb molla Sadığa bir şillə vurdu və: – Köpəkoğlu, həzrətin məqamın lotuxana qayırmısan? – dedi. – Bu saat gedəcəyəm Hacı Şücaüddövlənin yanına. Bu halda Quran oxuyan Molla Əsgər Hacı Əhmədi yaxaladı və: – Bu saat mənim on beş tümənimi ver! – dedi. – Mənə sənin müamilən də lazım deyil. Biqeyrət, şahi-şahi Quran oxuyub sənə pul vermişəm. Bu saat əbanı və börkünü götürəcəyəm! Onlar vuruşurdu, molla Sadıq isə camaata dönərək təəccüblə deyirdi: – Ay camaat! Mən nə bilim ki, o bunun arvadıdır. Yanınca da bir Allah bəndəsi gətirib Əsgər Davatgəroğluna siğə oldu. Molla Sadıq Hacı Əhmədi məzəmmət edərək: – Adamın imanı pak olar. Həzrətin məqamına lotuxana demək müsəlman ağzının sözü deyil. Bu saat şalını boynuna dolayıb Hacı Şücaüddövlənin yanına çəkərəm. İnqilabçı məlun! Molla Sadıq Hacı Əhmədə inqilabçı adı verib onu qorxutdu, Hacı Əhməd ağladı və geri dönüb getdi, arvadı isə çoxdan əkilmişdi. Əsgər Davatgəroğlu ilə qaraçı qızını Bağ meşə qapısındakı tiryəkxanaların yanına qədər təqib etdim. Burada Əsgər Davatgəroğlu qaraçı qızına pul verdi, mənçə, o pul qaraçı qızına Hacı Əhmədin arvadını aldadıb gətirməsi üçün zəhməthaqqı kimi verilirdi. Qaraçı qızı Davatgəroğlundan ayrıldıqda: – Xəsis haramzada, bir də yaxşısını görməzsən! – dedi. Daha demə haramzadanın qızı bura çatan kimi cibindən rübəndini çıxarıb üzünə salıbdır. Nə isə, birtəhər onu tapdım, başmağının üzündəki qırmızı ipəkdən tikilmiş gül onu uzaqdan mənə nişan verdi. Qaraçı qızını gəzdirə-gəzdirə həzrəti Sahib meydanına gətirdim. Burada azca qala onu gözümdən itirəcək idim. Sahibüləmr məscidinin həyəti və içərisi hər günkündən qələbəlik idi. Qaraçı qızı içəri soxulmağa tələsirdi. Mən də özümü birtəhər içəri sala bildim. Həyətdə arvad, kişi bir-birinə qarışıb qiyamət qopmuşdu. Qaraçı qızı da, mən də bununla maraqlanırdıq. İkimiz də irəli soxulduq. Xalqın arasında bir öküz vardı. Məscidin nəqibi aralıqda durub deyirdi: – Ey camaat, möcüzədir. Möcüzədir. Öküzün quyruğunda bircə dənə də olsa tük qalmamışdı; arvadlar tükləri dartıb qoparmışdılar. Bəziləri üz-gözünü öküzün bədəninə sürtürdü. Gülməli burası idi ki, bir hamilə qadın da xəlvətə salıb, qarnını öküzün qarnına sürtürdü; şübhə yoxdu ki, o öküzdən oğlan uşağı istəyirdi. Mən bunlara tamaşa etməklə bərabər yenə də qaraçı qızını gözdən qoymurdum. O da öküzdən bir tük qopardı. Öküz isə bu işlərə heç də əhəmiyyət vermirdi. Onun qabağına yonca və ot yerinə yeməli göyərtilər tökülürdü, dükanlarda satılan səbzilərin hamısı öküzün qabağında idi. Öküzün möcüzü belə başlanmış imiş. Öküzü qəssablar kəsməyə aparırmış, həzrət Sahib meydanında dərviş nağılına qulaq asmağa yığılan uşaqlar hay-küy salıb öküzü hürkütmüş, öküz qaçmış, girməyə boş yer tapa bilmədiyindən özünü məscid həyətinə salmış, buna görə də məscidin nəqibi səsləyib deyirdi ki: – Bu heyvanın əti haramdır. Bunun başına bıçaq çəkmək olmaz. Qəssablar nə edə bilərdilər? Onlar öküzdən əl çəkib getdilər. Qaraçı qızı oradan ayrılıb iki qoca arvadla görüşdü. Hər üçü orada durub, kimi isə gözləyirdi. Yarım saatdan sonra, onlara iki nəfər cavan oğlan yaxınlaşdı. Onlardan biri qoca arvadların birinə yanaşıb danışdı və qaraçı qızına işarə elədi, bundan sonra qaraçı qızı rübəndin altından üzünü oğlana ötəri göstərdi. Oğlan bu dəfə razı qaldığını bildirir bir hərəkətlə başını salladı: cibindən çıxardığı pulları qoca arvada verdi. Burada mən bildim ki, qoca arvad qaraçı qızını oğlana siğə etdirəcəyinə görə dəllallıq haqqı aldı. Acmışdım, yorulmuşdum, amma bu hekayətlər mənə hər şeydən artıq ləzzət verirdi. Onların dördü də öz yerində durmuşdu, yenə də gözləmələri var idi, çünki oğlanların o birisi üçün də siğə lazım idi. Qoca arvad onlardan ayrılıb məscidə girdi, bir azdan sonra bir cavan qadınla qayıtdı. Bu qadın da öz qaydasınca üzünü açıb oğlana göstərən zaman, onun qaraçı qızı Xoşu xanım olduğunu bildim. Oğlan əlbəttə, onu bəyənəcək idi, çünki Xoşu, Hüsni xanımdan yüz qat gözəldir. İkinci oğlan da qoca arvadın dəllallığını verdi. Onların dördü də siğə oxutdurmaq üçün axundun otağına girdi. Mən də içəri girdim, buna kimsə mane deyildi. Ətrafımı onlarca qadın aldı. Biri qızının, o biri bacısının, xalası qızının, bibisi qızının siğə olmaq istədiyini bildirir və mənə cürbəcür qadınlar göstərirdilər. Mən özümü itirmişdim, nə edəcəyimi bilmirdim. Siğə olub siğə eləyənlər qoşa-qoşa durmuşdu. Onların dəllalları da yanlarında idi. Siğə oxutdurmaq üçün növbət saxlamışdılar. Dışarıda dəllal sifəti ilə qadın ticarəti edən bu qoca qarılar, içəridə isə siğə olanların anaları, xalaları, bibiləri adlanırdı. Tək durmaq mümkün deyildi. Çox vaxt durmaq da lazım gəlirdi; çünki Xoşu xanımla Hüsni xanımın siğə növbəti hələ yetişməmişdi. Qoca qarılardan birisi mənə yaxın gəlib dedi: – And olsun bu binanın sahibinə, əlimdə bir qız vardır ki, üzünə gün düşməyibdir. Elə qızdır ki, üzünə milçək qonsa ayağının yeri qalar. Sən bir o bucaqda duran qızın boyuna bax. Boy deyəsən sərv ağacıdır. Hələ bir yanaqlarını görəsən, dodaqlarını görəsən, qara gözlərini görəsən, hələ onun danışdığını eşidəsən. Hələ onu soyunub yorğan döşəyə girəndə görəsən! Mən bucaqdakı qara atlas çarşaflı qadına baxanda, o da üzünü açdı; doğrudan da, gözəl idi. Qadın tanış idi. O mənə yaxın gəldi, eşiyə çıxıb səkinin üstündə oturdu, söhbətə başladıq; amma gözüm siğə otağının qapısında idi. Hüsni xanımı güdürdüm. Qarı dörd kərə eşiyə çıxıb bizim yanımıza gəldi və: – Tez olun, durun gəlin, növbət saxlamışam, vaxtdır, – dedikdə, – biz bir az da səbir elə, – deyib onu qaytardıq. Axırıncı dəfə qarı çıxıb məndən dəllallığını tələb elədi, mən isə: – Hələ sövdəmiz qurtarmayıbdır! – dedim. Qarı getdi, yenə də qayıtdı. – İndi ki, sövdəniz bitməmişdir, qızı burax gəlsin, – dedi, – yaxşı müştəri var, özü də burada oturubdur. Mənim ruzuma mane olma. Kasıb arvadam. Mənim də işim budur. Yanımda oturan və mənə siğə olmaq istəyən cavan arvad üzünü qarıya tutub dedi: – Mina bacı, səbir elə, oğlan xoşuma gəlir. Eybi yoxdur, sənin iki qranını özüm verərəm. Bu sözdən sonra qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı. Hər tutduğu qadının üzünü açıb baxırdı. Çirkin olanlara: – Mənim müştərim yoxdur, – deyib, başından rədd eləyirdi. Bu qarı yenə bizdən əl çəkmədi, çünki yanımda oturan qadın, gənc və gözəl idi. O bu qadından heç olmasa bir gündə neçə kərə dəllallıq alacaq idi. İrəli gəldi və: – Nə deyirsiniz? Növbət sizinkidir. Bir də növbəti buraxsanız, axşama qalacaqsınız, – dedikdə qadın: – Cəhənnəm ol, qoca kaftar! – dedi. – Yaxamızdan əl çək, getmirəm, özüm billəm! Bir də mənim yanıma dolanma! Sənsiz də mən özüm adam tapıb siğə ola bilərəm. Qarı acıqlandı. – Axmaq! – dedi. – Qəhbəliyi də bacarmırsan. On beşcə tüməni bir çeynəm saqqız kimi ağzından çıxardıb atmaq istəyirsən. O, çəkilib getdi. Yanımdakı qadın da üzünü tamamilə açıb danışırdı. Mən onu yaxşı tanıyırdım. Bu Səttar xan vaxtında qaradağlıların mənfəətinə işləyən çopur Səlimə idi. Göy məscid səngərlərindəki mücahidlərlə görüşmək bəhanəsi ilə gəlir, səngərləri və qüvvətimizi öyrənib qaradağlılara xəbər aparırdı. Nəhayət, biz onu günün birində tutub başını qırxdıq, özünü də çılpaq soyundurub eşşəyin üstünə sarıdıq, təqsirini yazıb döşünə yapışdırdıq və Xiyaban məhləsinə buraxdıq. Müxtəsər söz, biz haman çopur Səlimə ilə durub otağa girdik. Biz ora girdiyimiz zaman siğə növbəti qaraçı qızı Hüsni xanımın idi. İndi onun adı Gülbər xanım Məşədi İmamverdi qızı idi, ərini də inqilab zamanında məşrutəçilər öldürmüşdü. Onu siğə edən kişi isə Məhəmməd Xanəli oğlu adlı bir adam idi, siğə onun üçün on tümənə başa gəlmişdi. Mollanın dodaqları bir-birinə dəydi, hökmi-şəri verildi, iki qran siğə oxumaq haqqını alıb üstündə oturduğu qoyun dərisinin altına atdı. Qaraçı qızı da 10 tümən siğə haqqını qabaqcadan aldı, puldan qoca arvada bir şey verdi. Qaraçı qızı və siğə oxutduran kişi durub Xoşu xanımın siğə olub qurtarmalarını gözləyirdi. Onlar hara isə birlikdə gedəcəkdi. Xoşu xanımın işi bir az təxirə düşmüşdü, bir nəfər marağalı növbət xaricində gəlib bir qadının siğəsini özünə oxutdurdu. Durub gözləyirdilər, mən də kənarda durub çopur Səlimənin əlindən nə cür qurtaracağımı fikirləşirdim. Çopur Səlimə mənə bənd olmuşdu, o, üzünü tamamilə açıb mənə göstərir və yalvarır, mənim ilə həmişəlik yaşamaq istədiyini bildirirdi. Bu halda, onu mənim yanımdan dartıb apardıqlarını gördüm. – Gəl, haramzada köpəkqızı, – dedilər, – Allahın əmri, peyğəmbərin şəriəti ilə siğə olub sonra da qaçıb gizlənirsən? Bunlar çarpışa-çarpışa həyətə çıxdı. Çopur Səliməni bir başqası da yaxaladı. Sonradan məlum oldu ki, çopur Səlimə gündə bir neçəsinə siğə olaraq aranı qarışıq salır və qaçıb gizlənirmiş. Onu siğəyə vermək üçün çalışan qoca qadın da ona yanaşdı və söydü. – Belə olar, çopur köpəyinqızı, gör hələ sənin başına nə iş gətirəcəyəm! Sənin buradan qaçacağını salacağam, bir də sən ayağını bu həyətə basa bilməyəcəksən! Bu vaxt Xoşu xanım da siğə olub qurtarmışdı, gəlib Hüsni xanım və onun birgünlük ərinə qoşulub çopur Səlimənin büsatına tamaşa edirdilər. Ucadan bir qadın səsi eşitdim: – Vay, balamın evi yıxıldı! – dedikdə hamı dönüb qadına baxdı. Hüsni xanım və Xoşu xanımın ərləri də dönüb haman səs gələn tərəfə baxdıqda, siğə olan qaraçı qızları, mənim öz gözüm görə-görə ağ rübəndləri gizlədib, ziyarətə gələn seyid qızları kimi üzlərinə yaşıl rübənd saldılar. Siğə verən qoca qadınlar da çoxdan bəri aradan çıxıb getmişdi. Siğə edən kişilər dönüb, qaraçı qızlarını yanında görmədi, onlar nə qədər o tərəf-bu tərəfə qaçdı, mümkün olmadı, seyid qızları şəklinə girən qaraçı qızları isə onların gözünün qabağında gəzirdi. Çopur Səlimə də yaxasını qurtarıb qaçdıqdan sonra, aralıq sakit oldu. Seyid qızları isə oralarda dolaşırdı, siğələrini itirənlər isə bir qədər axtardıqdan sonra, ümidlərini kəsdi, həyətdən xaricə çıxdı. Mən qaraçı qızını gözdən qoymamışdım. O, seyid qızı sifətinə düşsə də ayağındakı başmağını tanıyırdım. Nə başınızı ağrıdım, qaraçı qızları bir kərə də seyid qızları adına siğə oldular; lakin son dəfə siğə edənlər əvvəlkilərə görə bir az ehtiyatlı idi. Hələ siğə qurtardıqdan sonra faytona oturub bir tərəfə getməzdən əvvəl kişi, qabaqca qaraçı qızı Hüsni xanımın müfəssəl ünvanını xəbər aldı. Mən maraqlandım, dedim ki, baxım görüm qaraçı qızı buna öz ünvanını doğru deyəcəkmi? Qaraçılar dərbəndində yaşayan qaraç qızı belə bir ünvan verdi: – Evimiz Gəcil ağzındadır. Səngəkxananın böyründədir. İkitağlı sarı qapımız vardır. Qapının başında şir şəkli, sol tayında sarı bürüncdən çax-çax vardır. Çax-çaxın ucu ilan başına bənzəyir. Astanamızda at nalı vurulmuş, qapının taxtasına nəba duası yazıb yapışdırmışıq. Damımızın novçaları daşdır: ucları da inək başı kimidir. Mir Abutalıb evi desən, hər kəs nişan verər. Danışa-danışa eşiyə çıxırdılar. Arxamızdan yenə də bir səs gəldi: – Ay başınıza dönüm, qoymayın qaçdı! Xalq yenə bir-birinə qarışdı: qaraçı qızları da bu dəfə yaşıl rübəndini çıxarıb ağ rübəndi üzlərinə saldılar və ziyarətə gələn arvadlara qoşulub yollarına düzəldilər. Əlli kələklə filan qədər qazanan qaraçı qızı, nahar vaxtı amerikalı qızın evinə getdi. Mən də dalınca getdim. Orada tamam saat on bir olana qədər durub gözlədim. 11-də Rəfizadə də gəlib oralarda gəzirdi. Qaraçı qızı dışarı çıxan kimi Rəfizadə onu yaxalayıb soruşdu: – Gəlməyə vədə verdimi? Qaraçı qızı yavaşcadan cavab verdi: – Gələcək, falına baxdırmağa gələcək və bütün şeylərini də gətirəcək. Amma sənə xəbər verirəm, qızı yalnız sənə gətirmirəm. Mahmud xan da şərikdir! – dedi və yola düşdülər. Tütünçüoğlu haqq-hesabını verdi. Mən məsələnin nə yerdə olduğunu lazımınca təyin etdim. Artıq onları təqib etmək lazım gəlmirdi. Onlar qızı fal açdırmaq üçün aparacaq idi. Lakin onun şeylərini nə vasitə ilə əldə edəcəklərini və nə bəhanə ilə şeyləri apartdıracaqlarını bilmirdim, bunu da öyrənmək lazım idi. Bu məsələni də Həsənağaya tapşırdıq. – İndi vəzifə sənindir! – dedim. – Amerikalı qız inqilabçı deyil. O bizdən, biz də ondan istifadə edirik. O bizdən Rusiya əleyhinə istifadə edir, biz də o cəbhədə çalışırıq. Lakin sən onu bilməlisən ki, biz ondan çox istifadə etmişik. O bizə həm mənəvi, həm də maddi mənfəətlər vermişdir. Mən ancaq birinci dəfədir ki, bunu sizə xəbər verirəm. Amerika konsulxanasında çalışdığına baxmayaraq, o, Almaniya casusudur. Bunun üçün də mübarizəmizdə istifadə etmək məqsədi ilə bizə lazım olduğu günə qədər onu müdafiə etməliyik. Buna görə də sən, sabah tezdən amerikalı qızı təqibə başlamalısan, o hər yerə gedirsə sən də getməlisən. Hərgah onu qaraçı evinə aparsalar sən də getməlisən. Oradakıları tərk-silah etməklə soymalı və bağlamalısan. Lakin bunların hamısını Səməd xanın fərraşbaşısı Qulusultanın tapşırığını yerinə yetirirmişsən kimi edəcəksən: çünki biz Mahmud xanla olan mübarizəmizdə silahla deyil, tədbirlə iş görməyə möhtacıq. Qulusultanla onun arasında törədə biləcəyimiz ixtilaf bizə gərək olacaq. Həsənağa tapşırığı alıb getdi. Mən və Məşədi Kazım təkcə oturmuşduq. Mən ona: – Düşünməyə dəyməz, – dedim, – de görüm könülaçan nə vardır? – İşlər yaman deyil, çörəkpulu çıxır. Konsul və qoşun böyükləri mənə inanır, dərilərini soyuram, hər şeydə yarı-yarıya qazanıram. Allah səni məndən ayırmasın. Bütün zərərlərin yerini birə dörd qat doldurmuşam. Mən bu tacirin pullarını Almaniya və Rusiya bankına qoydurduğunu bilirdim, ona bir yaxşılıq da etmiş olmaq üçün dedim: – İmperializm müharibəsi yaxınlaşır. Bu müharibədə Rusiya və Almaniyanın iflas edəcəyi qorxusu vardır. Məşədi Kazım təşvişlə soruşdu: – Bəs necə olsun? – Pulunu qismən ingilis, qismən də Amerika bankında saxlarsan. – Sabah mənim bundan başqa işim olmayacaqdır! Pulları haman yerlərə barat verəcəyəm. – Doğrusunu de görüm pulun nə qədər olar? – Uşaqlar üçün bir nan-pənir pulu düzəltmişəm. Bir o qədər deyil!.. – Yenə də?.. – İki milyon tümən! – İndi bir sözümə də doğru cavab verməyinizi rica edirəm. – Sizin başınıza and olsun bir kəlmə də o yan-bu yan olmaz! – Mən Təbrizə gəldiyim və sizin evinizdə mənzil etdiyim vaxt nə qədər sərvətiniz vardı? – Beş yüz min tümən. – Deyəsən, düz olmadı, bəs mülkə nə qədər vermişsiniz? – O beş yüz min tüməni mülkə vermişəm. – Demək ki, siz iki milyon tüməni inqilabdan qazanmışsınız. – Bəli, belə də görünür. – İndiki ticarətin də əvvəlkilərə görə daha çox qazanclı deyilmi? – Əlbəttə! Lakin mənfəət əvvəlki mənfəətlər kimi bir həftədə adamı varlandırmır. Burada ancaq gündə beş yüz tümən qazanmaq olur. Allah səni biz inqilabçılara çox görməsin! – Buna söz yoxdur, ancaq mühacirətdəki yoldaşlara bir az xərclik göndərmək lazım deyilmi? – Necə ki, lazım deyil? Səhərin özündə siyahı verin göndərim getsin, biz ölməmişik ki? * * * Ninanın ad günü Ninanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi. Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi: – Müjdəmi verin, ölü dirilibdir! – dedikdə onun dalınca Ələkbər yoldaş içəri girdi. Biz onu salamat görərkən həddindən artıq sevindik. Azərbaycanın hər tərəfində olan çar tərəfdarları öz düşmənlərini ovlamağa başlamışdı. Ələkbərin də Hacı Hüseyn Şücalı tərəfindən öldürüldüyünü eşitmişdik. Ələkbər yoldaş bizimlə bərabər Ninanın evinə getmək üçün 15 dəqiqə ləngiməyimizi xahiş etdi. Bu müddətdə o yuyunub libasını dəyişəcək idi. Mən də onunla bərabər içəri girdim, ona öz vəziyyətimi və Səməd xanla düzəltdiyim əlaqəni müxtəsərcə bildirdim. O mənim bu tədbirlərimi təqdir etdi və uzun müddət Təbrizdə qalacağını xəbər verməklə məni sevindirdi. Ninanın, qonaqlarından bir çoxu gəlmiş, bizi qarşılamaq üçün balkona çıxmışdı. Nina Ələkbər yoldaşı gördükdə hamını unutdu və onu qucaqlayıb üzündən öpdü, ağladı. Ələkbər yoldaş da bundan geri qalmadı. O da Ninanı öpüb ağladı və əlindən tutub salona daxil etdi. Yarım saat sonra Sərdar Rəşid öz rəsmi libasında gəlmişdi. Ninanın evini birinci kərə gördüyündən buradakı zənginlik onu heyrətə saldı. Yalnız belə bir ev yox, onu Təhminə xanımın qızları da təəccübləndirmişdi. – Ağa, bu xanımlar avropalıdırmı? – Xeyr, təbrizlidirlər, bizim bacılarımızdır. Məşədi Kazım ağanın gəlinləridir. Sərdar Rəşid daha bir söz demədi. Məşədi Kazım ağaya müraciətlə: – Ağazadələr haradadır? – sordu. Məşədi Kazım ağa: – Bəndəzadələr Berlində təhsildədirlər. Sağlıq olursa gələn il xanımlar da təhsilə gedəcəkdir! – dedi. Bu, sərdar Rəşidə imkan xaricində olan bir iş kimi gəldi: – Bunlar da? Berlinə?! – Bəli, Berlinə. İndi ki, yoldaşları oxuyur, qoy özləri də oxusun. Məmləkətdə ixtisaslı xanımlara ehtiyacımız çoxdur. Sərdar Rəşid: – Xeyli mərhəba, səd afərin! Bu gün özümü mədəni iranlılar içində görürəm, – dedi. Bir neçə dəfə gördüyünə baxmayaraq, Ələkbər yoldaşa işarə ilə soruşdu: – Bu ağa kimdir? Nina cavab verdi: – Bu da bizim ticarət şərikimizdir, Təbrizə bu gün varid olmuşdur. – Ticarətiniz nədir? Ələkbər yoldaş: – Ticarətimiz elə görkəmli və gəlirli bir ticarət deyil, – dedikdə, sərdar Rəşid soruşdu: – Yenə olsun, çörəkli ticarətdirmi? – Bəli, hərgah işlər əncama düşsə, bizim ticarətimiz təmiz və çörəkli ticarətdir. Cavahir alış-verişçisiyik. – Xeyli pakizə, xeyli xub, zəngin və hörmətli bir ticarətdir. Həsənağa və Tütünçüoğlu məclisə xidmət edirdi, mən onları da tanış verdim: – Bunların birisi bizim kiçik xanımların qardaşı, birisi də mənim qardaşımdır, – dedim. Yenə də sərdar Rəşid: – Maşallah, bərəkallah! – deyə Ninanın evlərini və evdəki şeylərini tamaşaya başladı. Xanımlar iki bir, üç bir salonu gəzərkən İraidanın kefi özündə deyildi. Onun gözü Ninanın, Töhfənin və Sənubər xanımın Berlində tikdirilən libaslarında idi. Mahru xanım yenə də qəmli və kədərli idi. Onun danışmağa belə həvəsi yox idi. Mən salonu onunla birlikdə dolaşırdım. Divardakı şəkillərə baxaraq keçərkən, onun gözü bunlardan birinə düşdü. Bu onun öz sevgilisi Smirnov ilə birlikdə aldırdığı şəkildi. O, dərin bir ah çəkərək: – O, həyatımın unudulmaz bir hadisəsi idi, – dedi, – mən indi haman hadisənin səbəblərini aydın edə bilmirəm. Sərdar Rəşid bizə yanaşdı, o da Smirnovun şəklinə baxaraq bir ah çəkdi və: – Bu mərhum xeyli nəcib və xeyli alicənab bir zat idi, – dedi. – Bu mərhumun ölümü, doğrudan da, namuslu iranlıların ürəyinə böyük yara vurdu, bunun vücudi-aləmi islamın şərəfi idi, bunun dinimübini-islami qəbul eləməsi, dinimizin nə qədər həqiqi bir din olduğunu isbat edirdi. Mahru xanım ona istehzalı və acıqlı bir nəzərlə baxıb nümayişkaranə bir surətdə ayrıldı və Ninanın qolundan tutub gəzməyə başladı. Bu vaxt çar konsulu, arvadı və qızları ilə bərabər gəldi. Məclisdəkilər sərdar Rəşidə təqdim olunduğu kimi, sıra ilə durub çar konsulu və onun ailəsinə təqdim olundu. Çar konsulu birinci dəfə idi ki, iranlı qızların cəmiyyətdə belə sərbəst iştirak etdiyini görürdü. O: – Mən gözlərimə inanmıram! – dedi. – Bunların rusca təhsil və tərbiyələri olsaydı, bunlarla oturub danışmaq və İran qadınının əhvali-ruhiyyəsini bilmək, iranlılarla əməkdaşlıqda bulunan rus xalqı üçün olduqca maraqlı olardı. Mənim əvəzimə Nina cavab verdi: – Cənab general, qızlarımız ruscanı bir rus qızı kimi danışırlar! Konsul qızlarla uzun müddət danışdı, onların əllərini bir daha sıxaraq: – Afərin sizə, gəliniz sizi hökumət hesabına təhsil üçün Peterburqa göndərim, – təklifində bulunduqda, Sənubər: – Çox təşəkkür edirik! – dedi, – biz payızda Berlinə təhsilə getməliyik. – Bəs Berlinə nə üçün? Qızların rəngi qızarıb, konsula cavab verməkdən utandılar. Nina, onların dadına çatdı: – Bunların yeni ərə getdikləri gənclər də Berlində təhsildədirlər. Konsul narazı olmuş kimi: – İran siyasi, iqtisadi cəhətlərcə daima böyük Rusiya imperatorluğu ilə əlaqədədir. Mənçə, mədəni və elmi sahələrdə də Rusiya ilə əlaqəni sıxlaşdırmaq daha məqsədəuyğun olardı, – dedikdə Sənubər xanım konsulu razı salmaq məqsədilə dedi: – Rusiyada olan mədəniyyət özümüzünküdür. Cənab general, almanlardan olanları da əldə etmək lazımdır. Konsul cavabdan razı qaldı, onun əlini təkrar bir daha sıxdı və saçlarını sığalladı. Otaqları gəzdik. Ninanın iş otağına keçdikdə, ona ad günü münasibəti ilə gətirilən hədiyyələri gözdən keçirdik. Ən qiymətli hədiyyə Ələkbər yoldaşın gətirdiyi idi. Bu gümüşdən qayrılmış incə bir qutu idi. Qutu qədim İran sənətinin qəşəng bir nümunəsi idi. Qutunun üzərində incə və qiymətli daşlarla Fətəli şahın şəkli nəqş edilmişdi. İçərisində nə olduğundan kimsənin xəbəri olmasa belə, hər kəs onun zahirindəki gözəllikdən heyrətlənirdi. Sənətin incəliyi qarşısında duyduqları bədii zövqün ifadəsini onların çöhrələrində görmək olurdu. Qonaqlardan bəziləri bunun tütün qutusu olduğunu iddia edirdi. Sərdar Rəşid isə bu fikirlə razılaşmadığını bir neçə sözlə bildirdi: – Bizim mərhum Əbəvinin belə bir ənfiyədanı var idi. Amma üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. Bütün bu fikirlərə qarşı hədiyyəni gətirən Ələkbər yoldaş ancaq gülümsəyirdi. Nəhayət, qonaqlar qutu haqqında Ələkbər yoldaşa müraciət etməli oldular. Ələkbər yoldaş qutunu əlinə götürdü. Barmağı ilə Fətəli şahın təsvirini göz bəbəklərinə basarkən, qutunun dörd qapağı da birdən açıldı və meydana, möhtəşəm bir imarət təsviri çıxdı. Binanın divarları parlaq sədəfdən, pəncərələri isə kiçik almazlardan qayrılmışdı. Uzaqdan pəncərələrə baxıldıqda, orada görünən qırmızı yaqutların, imarətin içərisində çıraqlar yanırmış kimi, parıldadığı görünürdü. Bu hədiyyə hər kəsin heyrətini cəlb etmişdi. Lakin mən bu hədiyyəni ikinci kərə gördüyüm üçün o qədər də təəccüb etmirdim. Mən Livarcanda Hacı xanın evində qonaq olduğum vaxt, bu qutunu Abbas Mirzədən ona qalan miraslar içərisində görmüşdüm. Qutunun içərisində təsviri göstərilən bina isə Abbas Mirzə nayibüssəltənənin Təbrizdə olduğu vaxt yaşadığı Şəmsülimarə idi. Mən Ələkbər yoldaşın qulağına pıçıldadım: – Bunu Hacı xandan neçəyə aldın? – Doqquz! – Necə doqquz? Doqquz yüz tümənəmi? – Xeyr doqquza! – Necə yəni doqquza? Ələkbər yoldaş qulağıma yavaşcadan dedi: – Hacı xana bircə dənə doqquzluq çıxardım. Məsələ məlum oldu. Demək Ələkbər yoldaş yenə də Hacı xanla qumar oynamış imiş. Onlar ikisi də bu ibtiladan yaxalarını qurtara bilmirdilər. Ziyafətdə sərdar Rəşidin sağlığına içilən badələr və general-konsulun nitqləri, sərdar Rəşidin Hacı Səməd xanı əvəz edəcəyi üçün bir başlanğıc idi. * * * İntibahnamələr Əmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq: – Anam, sizi təcili surətdə çağırır, – dedi. – Bu saat gedərəm. – Siz Nina xanımın yox, bizim öz evimizə getməlisiniz. – Çox gözəl! – Məsələ aydın idi. Təhminə xanımda yəqin yenə də bir sirr var idi. O, hər vaxt mənə söyləmək istədiyi gizlin sözləri öz evində deyərdi. Daha mən Həsənağadan ayrılmadım, onunla söhbət edə-edə qayıtdıq. Təhminə xanım və qızların gözləri ağlamışlar kimi qızarmışdı. Onlar məni gördükdə, yenə də kövrəklənib ağladılar. Sakit olduqdan sonra Təhminə xanım Mahmud xanın Ninaya elçi göndərdiyini və Ninanın onları böyük ehtiramla qəbul etdiyini söylədi. Elçilər Ninaya sərdar Rəşidin və onun arvadı İraidanın məktubunu gətirmiş imişlər. Onlar öz məktublarında bu izdivacın səadətli bir izdivac olacağını yazmış və Ninanın bu xeyir işə razılıq verməsini məsləhət görürmüşlər. Mən Ninanın onlara nə cür cavab verdiyini soruşmayaraq: – Nə eybi vardır, – dedim, – hərgah Ninanın buna könlü var, hərgah o bu işi, xeyir iş deyə adlandırsa, daha bizim danışmağa nə haqqımız var? Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? O, müsəlman və türk qızı deyil. Onun tərbiyəsi tamamilə başqadır. O tərbiyə ilə böyümüş qızlar nə sevdiyindən vaz keçər, nə də sevmədiyini qəbul edər. Mahmud xan böyük nüfuzlu bir adamdır. Bəlkə, onun böyüklüyü Ninanı özünə cəlb edir. Yox əgər sərdar Rəşid və İraida Ninanı məcburi olaraq Mahmud xana vermək istəsələr biz Ninanı köməksiz qoymarıq, müdafiə edə bilərik. Biz hələ o qədər də aciz düşməmişik. Nə Təhminə xanım, nə də onun qızları mənim sözlərimdən razı qalmadılar, onlarda Ninaya qarşı bir nifrət və bir düşmənçilik hissi doğmuş kimi idi. Onları öz fikirlərindən və şübhəli yollardan qaytardım. Ninanın hər kəsə ərə gedərsə-getsin, onlara olan dostluq əlaqəsinin dəyişməyəcəyini söylədim. Lakin hər halda mən Ninanın evinə getməli idim. Biz əldə edilən məlumata əsasən şəhərə vərəqlər yaymağa söz vermişdik. Fürsəti əldən buraxmayaraq çar hökuməti və onun nümayəndəsi olan Hacı Səməd xanın siyasətini ifşa etməli idik. Ninanın yanına bir gün əvvəl getməliydim, işlərimin çoxluğu buna imkan verməmişdi. Onun etiraz edəcəyi və məni tənqid edəcəyi şübhəsiz idi. Mən onun otağına çox qorxa-qorxa girdim, o yazı stolunun başında oturub işləyirdi. Məni gördükdə qələmi stolunun üzərinə atdı. Mən öz hesabımı bildim: həngamə başlanacaq idi. O: – Mən heç də anlaya bilmirəm, – dedi, – sən günlərlə buralarda görükmürsən? Təhminə xanım isə səhər tezdən çıxıb getmişdir. Mən bu uşaqla bərabər qalmışam, işə də getməmişəm. De görüm bu saat sənin Təbrizdə işin nədir? Nə üçün fəaliyyət göstərmirsiniz? Nə üçün çar hökumətinin fırıldaqlarını ifşa etmirsiniz? Budur, sənə deyirəm: bu fəaliyyətsizlik davam edərsə, mən buradan çıxıb getməliyəm. Artıq bu evlərin qarovulunu çəkmək istəmirəm. Uşağı da götürüb sənin ağlına gəlməyən bir tərəfə gedəcəyəm. Sən özün bir düşün, bu həyatmıdır? Bizim bu vəziyyətimizə nə ad vermək olar? Madam ki, iş yoxdur, həyat yoxdur, daha burada nə üçün qalmaq? – İş necə olar? – mən soruşdum, – beş-on nəfərlə böyük bir hökumətlə mübarizə aparmaq sənçə iş deyilmidir? – İşin fəna tərəfi də odur ki, işi beş-on nəfərlə aparırıq! – Çox adamı haradan tapa bilərik, sən bilirsən vəziyyət indi çətindir. – Çətin vəziyyət şəraitində işləməyi öyrənməliyik! Səttar xanın iyirmiminlik silahlı qüvvətinə istinad edib iş aparmaq silahlı nəzmiyyə ilə qoşun qabağına durmaq hər kəsin işidir, işçi, yaxşı təşkilatçı bugünkü şəraitdə iş apara bilməlidir. – Kimi təşkil edək? Bazar əsnafını, tacirlərimi? Sən özün bilirsən ki, qaçan qaçdı, ölən öldü, qalanlar isə dar ağacının qorxusundan bizim verdiyimiz silahı belə almır. – Mən Təbriz şəraitində sənə Peterburqun putilovçularını, yaxud Riqanın toxucu işçilərini verə bilmərəm. Təbriz küçələri təşkilatsız işçilərlə doludur. Hər tərəf hammal, hər yan çılpaq deyilmi? Hər tərəfə baxıb ağa nökərləri və bir loğma çörəyə işləyən muzdurları görməyirsənmi? – Nina, sözün var, söz danış! Bu cür sözlər ixtilaf çıxarmaq üçün vasitə aramaqdır. Sən saydığın təşkilatsız proletariata nə vasitə ilə yanaşmaq olar? – Siz təşkilatlı proletariatla da iş aparmırsınız. Əcəba, hazırda min səkiz yüz nəfərə qədər xalça fabrikası işçiləri mütəşəkkil proletar sayıla bilməzmi? Mənim təşkil etdiyim 28 nəfərlik dərnək üzvləri azmı iş gördü? De görüm, iki gündən bəri nə iş görmüşsünüz? Harada idin? – Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. O ki, Təhminə xanımdır, o da bu saat gəlməyə hazırlanırdı. – Sən onu harada gördün? – Evlərinə getmişdim. – Ora səni çağırmışdılarmı? – Xeyr. – Bəs nə üçün getmişdin? – Qızların Berlinə göndərilmək məsələsini danışmaq lazım idi. – Qızların məsələsinimi? – Bəli, qızların məsələsini. – Sən gərək bunu mənə heç də xəbər verməyəydin. – Əcəba, mən bunu səndən gizlətməkdə nə kimi bir şey qazanacaq idim? – Daha mən sənə nə deyim? Sən qızlara məndən yaxınmı idin? Əcəba, mən onlara ürəyimin yağını yedirmədimmi? Onları Berlinə getməyə sənmi hazırladın? Onları kəsif çadranın altından cəmiyyətə sənmi çıxardın? İndi necə olmuşdur ki, məni özlərinə yad bilirlər? Hərgah getmək istəyirlərsə yığılıb burada danışa bilməzlərmi? Yox, məsələ bu deyildir. Onlar hələ məni layiqincə tanımamışdır. Hələ Təhminə xanımın mənə qarşı etimadsızlığı da dözülməz haldır. Onlar daima səni özlərinə məndən yaxın hesab edir, halbuki mən onlara səndən daha yaxınam, daha səmimiyəm. Onların nöqsanı hamıdan artıqdır. Onlar heç vaxt sənin mənə qarşı etdiyin haqsızlığı nəzərə almır və səni tənqid etmirlər, çünki sən onların özününkü, mənsə kənardan gəlmə bir yabançıyam. Təhminə xanım bir kərə də olsa mənim haqlı olduğumu nəzərdə tutmamışdır. Hər kiçik hadisədən ötrü onların evində toplanıb iclas düzəldirsiniz, bununla da məni şüursuz və duyğusuz bir qız hesab edirsiniz. Sən get onlara söylə! Özün də əmin ol ki, özgənin fikri ilə hesablaşan deyiləm. Bacım da, onun əri də mənim üçün heç yerindədir. Mənim üçün qiymətli bir şey varsa, o da öz düşüncəm və öz iradəmdir. Nə olar ki? Bu vəziyyəti davam etdirərəm. Bəlkə də, iqbalın insan üzərində hakimliyi sözü doğru imiş! Mən ayaq üstündə durub Ninanı dinləyirdim, onu sakit etmək üçün gətirəcəyim dəlilləri bir neçə kərə ürəyimdə təkrar etmişdim. Bu halda Təhminə xanım gəldi, Nina isə onu görən kimi şiddətlə ağlamağa başladı. Təhminə xanım onun başını köksünə aldı, qızın başı onun çiynində olaraq ağlarkən Təhminə xanım da özünü saxlaya bilmədi. Mənim tüklərim ürpəşirdi. Səbəb olduğum bu vəziyyətdən utanır və özüm özümə nifrət edirdim. Mən ya birkərəlik Ninadan ayrılmalı, yaxud da bu iki həyatı birləşdirməli idim. Lakin mən özlüyümdə əlaqəmizin belə qeyri-müəyyən şəkildə qalmasını bu səbəbə izah edirdim: mən qızın taleyini öz məlum olmayan taleyimlə birləşdirməyə cürət etmirdim, onun mənimlə xoşbəxt ola biləcəyinə inanmırdım. Özüm də bilmədim, əlimin birisi ilə Təhminə xanımın, o birisi ilə Ninanın saçlarını oxşayaraq dedim: – Nina, sizin hər ikinizə and içirəm! Hərgah sənin qəlbin və mənə dair olan düşüncələrin dəyişməmişsə... Nina mənim sözlərimə axıra kimi qulaq asmayaraq başını əlləri arasına alıb içəri otağa keçdi. Təhminə xanım ev işlərinə məşğul idi. Mən oturub düşünürdüm. Yarım saatdan artıq oturdum, başımdan əlli cürə fikir gəlib keçirdi. Otağın qapısı açıldı. Nina öz sevimli və abı rəngli geyimində gəlib yazı stolunun başında oturdu. O özünü acıqlı və ciddi göstərmək istəyirdi. Lakin dodaqlarında sezilən xəfif bir qımıltı onun gülmək istədiyini və bunu da gizlətməyə çalışdığını aşkara çıxarırdı. Birdən o: – Dur bura gəl! – dedi və gülümsündü; bununla da biz barışmış olduq. Hər şey keçib getdi. Əyləşdim, o yanımdakı rusca yazılmış kağızı mənim qarşıma fırladaraq: – Səni çox gözlədim, gəlmədin, nəhayət, şəhərə buraxılacaq vərəqəni özüm yazmağa başladım, – dedi, – diqqətlə oxu, artırıb əksildilməsi yeri varsa, düzəlt, tərcümə elə! Nə cürə olursa-olsun, vərəqlər sabah gecə şəhərə yayılmalıdır. Mən: – Çox razıyam, – dedim. O, cavabında: – Sən razı olmasan da keçər. Kütlələr razı qalmalıdır, – deyərək üzümə əyri-əyri baxdı və davam etdi: – Sənin tənqid edilməli yerin çoxdur, başdan-ayağa nöqsanlar içindəsən. Eyni zamanda özünü əfv etdirməyi də bacarırsan. Mən bütün bu qüsurlara göz yumuram, buna da məni mühüm cəhət məcbur edir; onlardan biri və ən ümdəsi gələcəyinə möhkəm inamım olan, yolunda hər şeydən keçməyə hazır olduğum inqilab... Mən ikinci səbəbi gözlərkən o susdu: – İkincisi? – Onu söyləməyəcəyəm! – Yaz ver! – Sən rus şairi Puşkini oxumamısanma? Get onu oxu! Puşkin deyir ki, «Hər şeyi sətirlərdə yazmazlar». Onun nə dediyi və bu məcburiyyətin nədən ibarət olduğu aydın idi. Mən məsələni çox da qurdalamaq istəməyərək intibahnaməni oxumağa başladım: «Təbrizlilər! İnqilab yolunda verdiyiniz qurbanlar sizi mübarizəni davam etdirməyə dəvət edir! Daxili və xarici düşmənlərlə başladığınız mübarizəni davam etdirin! İran inqilabı məğlub olmamışdır! Əldə edilən qələbələri çox da ucuz satmayın! Böyük məqsədinizi əldə etmək üçün verdiyiniz qurbanların çoxluğu sizi heç də qorxutmasın! İran inqilabı Rusiyadakı beşinci il inqilabının qığılcımıdır! Onu bir alov, hətta bütün İranı işıqlandıracaq bir alov şəklinə gətirmədən cəbhənizdən çəkilməyin! Unutmayın ki, siz təbrizlisiniz! Təbriz neçə yüz ildən bəri İranın siyasi həyatında mühüm və idarəedici rol oynamışdır. Siz o rolu bu günə qədər də davam etdirmisiniz. Çar istilasının vücuda gətirdiyi müvəqqəti çətinlik sizi cəbhənizdən uzaqlaşdırmasın, mübarizə meydanını Səməd xan kimi məmləkət xainlərinə buraxıb çəkilməyin! Siz yenə də mərkəzlə əlaqə saxlamalısınız, mərkəzdə oturan bir neçə rüşvətxor vəzirlərə təsir yetirməlisiniz! Daxili və xarici düşmənləriniz İranın imtiyazlarını əldə etmək üçün alış-verişə başlamışdır. İngiltərə və Rusiya hökumətləri İranı asancasına istismar etmək üçün öz tərəfdarını baş vəzirliyə keçirmək istəyir. Rusiya Tehran səfirinin xariciyyə naziri Sazonova vurduğu 724 nömrəli teleqramda, baş vəzirlik ətrafında gedən alış-verişlər aydıncasına göstərilir. İngilislər Mustofiyulməmalükü, ruslar isə Sədüddövləni baş vəzirliyə keçirməyə çalışırlar. Azərbaycanlılar isə bunların hər ikisinin əleyhinə çıxmalıdır, çünki bunlar ikisi də öz məmləkətini satmağa hazırlanır: ruslar Sipəhdarın namizədliyini qoyur; çünki onun özü də rus istiqraz bankının borclularındandır. Onun bütün əmlakı rus bankının rəhnindədir. Təbrizlilər, aşağıdakı teleqramı oxuyun! Rusiya Tehran səfiri xariciyyə naziri Sazonova göndərdiyi 102 nömrəli teleqramında yazır: «Urmi gölünün gəmi imtiyazını almaq işində sizin yardımınız lazımdır. Hər halda bir peşkəş, hədiyyə vermədən bu işin başa gəlməyəcəyi şübhəsizdir». Məmləkəti istilaçılar və satıcılar əlindən qurtarmağa çalışın! Çar hökuməti bütün İranı istismar edir, məmləkətin gəlirini, çar təbəələri, çar qoluzorbaları arasında bölüşdürür. İran gömrükxanalarının gəlirləri hara gedir? Ölkənizin maliyyə ehtiyacının səbəbləri harada doğur? Rusiyanın Tehran səfiri, İran baş naziri və Vüsüqüddövləyə verdiyi notasında İran gömrük gəlirlərinin həyasızcasına təqsimi haqqında məlumat verir. Səfir öz notasında gəlirlərin istiqraz faizləri hesabına sıxıldığı və qalan əlbaqi paraların kimlərə paylandığı haqqında hesab verir. Rusiyanın Tehran səfirinin xariciyyə naziri Vüsüqüddövləyə verdiyi 118 nömrəli notanı oxuyun: «Həşəmətli cənab, özümü sizə aşağıdakı notanı təqdim etməyə borclu bilirəm: – İran gömrükləri gəlirlərinin 1914-cü il iyul ayının birinə qədər istiqraz bankında qalmış əlbaqi parası saxlanıb, aşağıdakı qərarla paylanmışdır: Bankda olan 2545206 qran 40 dinar paradan əlahəzrətin kazak briqadasının xərcinə 1922694 qran 40 dinar verilmişdir. Həşəmətli cənab mənimlə razılaşa bilər ki, briqadaya bu paranı verməmək hissənin məhvi deməkdir. Buna da imperator hökuməti heç vəchlə razı ola bilməz. Bu məsarifin vəsiqələri öz vaxtında kazak briqadasının rəisi tərəfindən baş xəzinədara təhvil veriləcəkdir... Rusiya təbəəsi olan Arzumanovun dağılan mallarının zərərlərini ödəmək üçün 18000 tümən. Rusiya təbəəsi, araba sahibi Məşədi Hadının arabalarını şah hökuməti istismar etdiyi üçün 5090 tümən. Şirazda, ərəb şeyxinin Əliyev qardaşları mallarını müsadirə etdiyi üçün 20 min tümən. Rusiya təbəəsi İbrahim Manuilyanın İran təbəəsi Muxtarülsultandan etdiyi tələbinə görə 2 min tümən. Şamaxılı Rusiya təbəəsi Abdullayevlərin İsfahan yanında quldurlar tərəfindən talanmış xalçalarının hesabına – 4300 tümən. Rusiya toxucu fabrikası sahibi Proxorovun İranda «Hasar surx» adlı yerdə üç il bundan əqdəm talanmış parçaları hesabına 350 tümən. Yuxarıda adları çəkilən tələbkarların iddianamələri də öz vaxtında İran hökumətinə təqdim ediləcəkdir. Bu qərarla da istiqraz bankında qalmış əlbaqi paradan, kazak briqadası məsarifi və Rusiya təbəələrinin zərərləri ödənildikdən sonra 93812 qran qalmışdır. Şah hökumətinin birinci tələbi üzərinə bu para təqdim olunacaqdır. Korostovtsev». Təbrizlilər! Bu sizin ölkənizin gəliri! Həyasızların əlindən qurtarmaq üçün siz yenə də öz inqilabi təcrübəniz və şüurunuzdan istifadə edə bilərsiniz! Sizi satmaq istəyən Səməd xan və sərdar Rəşidlə amansız mübarizə aparın!..» Nina şəbnaməni burada bitirmişdi, mən intibahnaməyə aşağıdakı cümlələri əlavə etməsini də ona tövsiyə etdim: «Təbrizlilər! Mühüm günlər yaxınlaşır, dünya qanlı hadisələrin qarşısında durur. Kapitalistlər insan sallaqxanaları hazırlamaqdadır. Çar hökuməti hər yerdə olduğu kimi, İranda və Osmanlı hüdudlarında da işə başlamışlar. Çarın casusları şeyxbərzanlar, əbdürrəzzaqbəylər, seyidbəylər işə başlamışlar. Azərbaycanlılar! Yaxında sizin yorğun və əzilmiş ölkəniz Osmanlı, Rusiya, Almaniya, İngiltərə ordularının döyüş meydanına dönəcəkdir. Bu imperialist dövlətlərin qanlı siyasətləri sizə düşməndir. Bunların hərbcu imperialist və müstəmləkəçilik siyasətlərini anlayaraq ifşa edin, onlara nifrət bəsləyin, Rusiya sosial-demokratlarının – bolşeviklərin yolu ilə gedin! İnqilab komitəsi». * * * İraida oğurlandı Bugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim. Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi. İclas aşağıdakı qərara gəldi: Təşkil edilmiş işçilərdən bəzilərini olduğu yerdən götürüb başqa müəssisələrə təhkim etmək. Şəfi Şabanoğlu, Ələkbər Kazımoğlu, Hacıağa Əvəzoğlu, Dadaş Quluoğlu, Bağır Hacıoğlu, Saleh Müseyiboğlu, Yavər Xəliloğlu fabrik sahiblərinə bildirmədən, tədriclə fabrikadan çıxmalıdırlar. İşdən çıxan yoldaşlar təşkilat işləri aparmaq üçün müxtəlif müəssisələrə daxil olmalıdır. Əski yerlərindən kənar olub yeni yerlərə daxil ola bilməyənlərin işsiz qaldığı müddət ərzində maaşı komitə tərəfindən verilməlidir. Yeni işə daxil olanlar, əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsirini ödəyəcəkdir. Görülən işlər haqqında danışmaq üçün ayda iki dəfədən az olmayaraq iclas çağırmaq lazımdır. Bu qərarlar qəbul edilib iclas bitdikdən sonra, tək-tək yoldaşlarla söhbət edir və ayıq olmalarını tapşırırdım. Sonra Həsənağaya müraciət eləyərək intibahnamələrin şəhərə yayılması haqqında onun fikrini soruşdum. O öz yeni tədbirlərini dedi: – Siz onu bilməlisiniz ki, Hacı Səməd xanın və rus konsulunun xəfiyyələri adama göz verir işıq vermir. Onlar küçədə gedən arvadların bağlamalarını belə açıb araşdırırlar. Mən bir nəfərin, iki nəfərin, hətta özümün də tutulmasından qorxmuram, qorxum ancaq işimizin üstü açılmasındadır. Buna görə də mən aşağıdakı tədbirləri düşünmüşəm: On beş nəfərimiz dilənçi paltarı geyib, intibahnamə yapışdırılmalı yerlərdə divara söykənib dilənəcək və gəlib gedəndən ehsan istəyəcək, eyni zamanda bunlar intibahnaməni qabağında durduqları divara yapışdırıb qaçacaqlar. Hələlik dilənçilərdən heç kəs şübhələnmir. İntibahnamələrdən hamamların qapısında dəstə-dəstə qoymaq lazımdır. Sübh vaxtı hamama gələnlər götürüb aparar və başqalarına göstərər. Məscid səkilərində də intibahnamə qoymaq lazımdır. Xüsusən böyük məscidlərdə, məsələn, «Talibiyyə mədrəsəsi» ağzında. Onun tədbirlərindən razı qaldım və ikinci kərə: – Başlıca olaraq özünüzü mühafizə etməlisiniz! – dedim. – Çünki sizin tutulmağınız həm mənim, həm də Ninanın haqqında şübhə oyandırar və işimizi alt-üst edər. Yoldaşlar getdilər. Yanımda ancaq Tütünçüoğlu qalmışdı. Qapı vuruldu. Tütünçüoğlu qapıya getdi. Bir azdan sonra içəri bir qadın girdi. İlk baxışda mən onu tanımadım. – Oturun, – dedim. O, oturdu. Mən çarşafının altından onun üzünü ötəri gördüm. Mən onun gözlərini də görə bildim; onları tanıdım. Bu çar miralayı Smirnovun vurulduğu və onu fəlakətə salan gözlərdi. Tütünçüoğlu da içəri girdi. Qadın mənə baxaraq Tütünçüoğluna işarə etdi və bununla da Tütünçüoğlunun otaqdan çıxıb getməsini istədiyini bildim. Tütünçüoğlu dəhlizə keçdi, qadın çarşafı başından ataraq dərin bir nəfəs aldı. Mən: – Səfa gətirmişsiniz, – dedim, – şübhəsiz ki, Mahru xanımın bu vaxt təşrif gətirməsinin mühüm bir səbəbi vardır. Mahru xanım Təbriz qadınlarında az-az təsadüf ediləcək fikirli gözlərilə mənə baxıb düşünürdü və yenə də ehtiyatlı nəzərlərlə ətrafını süzərək başladı: – Mən sizi indi deyil, çoxdan bəri tanımışam. Mən o sirri, hətta o qanlı sirri sizə verdiyim gündən bəri sizi tanıyıram. Zənnimcə, siz çətinlikdən çıxış yolu tapa bilərsiniz. Siz mənim zənn etdiyim kimi, hadisə qarşısında özünü şaşıran adam deyilsiniz. Hazırda sizi böyük bir təhlükə gözləyir. O təhlükədən siz də, sizin sevgiliniz və həmməsləkiniz Nina xanım da məhv ola bilər. Mahru xanım bu sözləri deyincəyə kimi nələri düşünmədim? O, əlini atıb, redikülündən Ninanın şəhərə buraxılmaq üçün yazdığı intibahnamənin rusca əl yazısını mənə verdi: – Baxın, görün bunu tanıyırsınızmı? – dedi. – Tanıyıram, – dedim, – bunu siz haradan götürmüsünüz? – Bunu mən sizdən götürməmişəm. Bunu İraida xanım Ninanın evindən götürmüşdür. – Bunu sərdar Rəşid bilirmi? – Xeyr! Sərdar Rəşid burada deyildir, Savucbulağa getmişdir. Şübhəsizdir ki, qayıdandan sonra bunu biləcəkdir. – Siz bu kağızı nə cür götürdünüz? – O bu kağızı öz yanında saxlayırdı. Dünən axşam ev hamamına getmişdi. Ondan sonra da mən hamama getdim. Bu kağız paltar soyunan taxtanın dalına düşmüşdü. Mən onu tapdım, ucundan-bucağından oxudum, tamamilə anlamasam belə mühüm bir kağız olduğunu yəqin etdim və götürüb gizlətdim. İraida xanım evin altını üstünə çevirdi, bir şey tapa bilmədi. Bəlkə də, onun mənə gümanı gedirdi, lakin cəsarət edib bir söz deyə bilmədi, ancaq bir kərə: – Mahru xanım, hamamda bir parça yazılı kağız görmədinizmi? – deyə soruşdu. Mən Mahru xanıma sual verdim: – Çox əcəb! İraidanın bu kağızı əldə etməkdə məqsədi nədir? – Bu kağız, Ninanı sizin əlinizdən qurtarmaq üçün bir vasitədir. – O nə edə biləcəkdir? Məni həbs etdirməkmi istəyir? – O mənim üçün hər şeyi danışmışdır, o sizi həbs etdirməkdən və bu işi sərdar Rəşidə, yaxud çar konsulxanasına bildirməkdən qorxur, çünki o zaman öz bacısı da məhv ola bilər. – Bəs nə etmək istəyir? – Sizi zəhərlədib öldürmək, sonra da bu kağızı Ninaya göstərib qorxutmaq və Mahmud xana ərə getməyə razı etmək! Onun üçün İraida xanım ərinin gəlməsini gözləyir. – O məni nə vasitə ilə zəhərləmək istəyir? – Aşpazımız Məhəmmədəli Mirzənin aşpazıdır. O, Məhəmmədəli şahın əmri ilə yüzlərcə adam zəhərləmişdir. – O bu barədə apşaza bir söz söyləmişdirmi? – Hələlik... Xeyr. Daha bir söz danışmadım. Məsələnin qorxulu olduğu şübhəsiz idi. Mən işi sərdar Rəşid Savucbulaqdan qayıdana qədər bitirməli idim. Çünki İraida gecə də olsa, bunu sərdar Rəşidə, sərdar Rəşid isə çar konsuluna xəbər verəcək idi. O, böyük bir mövqe qazanmaq üçün belə bir fürsəti çoxdan axtarırdı. Mən başımı qaldırıb Mahrunun gözlərinə bir daha diqqətlə baxdım: onun baxışlarında mənə qarşı bir səmimiyyət olduğunu dərk etdim və minnətdarlıqla: – Sizə inanıram, Mahru xanım, – dedim, – sizin ürəyinizdə böyük sirlər yatdığı kimi, bu kiçik sirri də orada uyuda bilərsiniz. – Məndən əmin ola bilərsiniz. Lakin bu sirrin mənim ürəyimdə gizlədilməsi kifayət deyildir, çünki İraida onsuz da bu sirri açacaqdır. – Bu sirrin açılmaması üçün görüləcək tədbirlərin həyata keçirilməsində iştirak etməyə söz verirmisiniz? – Söz verirəm, bütün varlığımla söz verirəm! – Sərdar Rəşid nə vaxt qayıdacaqdır? – Beş gündən sonra. – İkinci kərə sizi nə vaxt görə biləcəyəm? – Sabah gecə bu vaxt. O, qalxıb getmək istədi. Gecə çox qaranlıq idi. Faytonu qoşdurdum. Onu faytonla yola salmaq istədikdə, o: – Yalqız getmək mümkündür? – deyə soruşdu. Mən: – Sizə öz inandığım bir gənci yoldaş verirəm, faytonu da onun özü sürəcəkdir, – deyə Tütünçüoğlunu çağırdım və ona təqdim elədim. – Mənə etimad etdiyiniz qədər, buna da etimad edə bilərsiniz, – deməklə onları tanış elədim. Onlar gedəndən yarım saat keçincəyə qədər mən oturub düşünürdüm. Ninanın bu kimi mühüm bir kağızı tələf etməməsi və onun İraida kimi zərərli bir qadının əlinə düşməsi məni heyrətə salırdı. Gecəni yata bilməyəcəkdim, çünki İraidanın bu sirri ikinci bir adama xəbər verməsi ehtimalı vardı. İraidanı heç vəchlə susdurmaq olmayacaqdı. O, Ninanı mənim əlimdən qurtarmaq üçün bundan daha əlverişli bir fürsət əldə edə bilməyəcəkdi. Bu düşüncələrlə əlaqədar olaraq, İraidanın Ninaya 10 gün bundan qabaq söylədiyi sözləri xatırladım: – «Onu sən özün rədd edə bilməzsən. O zaman evdəki dövləti buraxıb çıxmalısan. Lakin onu buradan qovdurar, yaxud məhv etdirəriksə, sən həm böyük bir dövlətə yiyə durar, həm də Mahmud xan kimi məşhur bir adamın arvadı olarsan». Mən gecə də olsa, Ninanın evinə getmək və onunla görüşüb bu məsələ haqqında danışmaq lazım olduğu qərarına gəldim. * * * Saat 12-yə işləmişdi. Təhminə xanım və Məcid uyumuşdu. Nina isə Təbrizə gizlincə gətirilən partiya qəzetlərini oxuyurdu. Nina gecənin bu vaxtında onun görüşünə gəldiyimi heyrətlə qarşıladı: – Nə əcəb, bu vaxt? – Sizi görmək və Məcidlə əylənmək istədim. Nina güldü: – Doğrudur, sən bizimlə həmişə əylənmisən... yenə də... otur əylən! Oturdum, məsələni çox da tez söyləməyə tələsmədim, çünki onsuz da inqilabçı qızın əsəbləri pozğun idi, həyatın bu şəkli onu əzirdi. Bir saata qədər sevgidən, məhəbbətdən, səmimiyyətdən danışdıq. Nəhayət, söhbətimiz İraidanın bizə olan əlaqəsi üzərinə gəldi, dedim: – Nina, bir az ehtiyatlı olmaq lazımdır, doğrudur, İraida səni məhv etmək istəməz, lakin mənim onların əlində məhv edilməm, sənin də konsulxanadakı vəziyyətinə mənfi təsir edəcəkdir. Təəssüflər edirəm ki, sən o qədər də ehtiyatlı deyilsən. Nina: – Səhv edirsən! – dedi. – Neçə ildən bəridir ki, böyük işlər gördük və heç birində də ehtiyatsızlığım olmadı, bundan sonramı?.. – Çox pakizə! – Mülayimətlə dedim. – Əsəbiləşmə, onsuz da sən xəstəsən. Hadisə insanları aradığı kimi, insanların özü də hadisələrin başına dolanır. Bir sənətkar nə qədər ehtiyatlı olsa da, yenə həyatında bir çox səhvlər buraxmamış deyil, biz də eləyik. İndi mənə de görüm rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? – Kitabların arasındadır. – Ver baxım. O, kitabların arasını axtardı, düşündü, yenə də axtardı, tapa bilmədi. Mən kağızı qoynumdan çıxarıb ona verdim: – Al, – dedim, – ehtiyatlı olmaq lazımdır! Bu cür vərəqələrin İraidanın əlinə düşməsi bizim bütün işlərimizi alt-üst elər. O, tələsik soruşdu: – İraidanınmı? – Bəli, İraidanın. – Bəs sənin əlinə haradan keçdi? Mən əhvalatı başdan-başa ona nağıl elədim. Ninanın rəngi qaçdı, bir ara o, şaşırmış kimi nə edəcəyini bilmədi. Sonra: – Məhv olduq! – dedi – sərdar Rəşid öz səadətini bizim fəlakətimiz üzərində quracaqdır. İraidanın özünə də bu xoşdur. De görüm indi biz nə etməliyik? – İki yol vardır, – dedim, – Təbrizdən xəlvətcə qaçıb gizlənmək, yaxud da başqa qəti tədbirlərə əl atmaq! – Qəti tədbirlər görmək mümkün olduğu halda daha Təbrizdən nə üçün qaçaq? Hara qaça bilərik? Başladığımız işləri, sonra da evi-eşiyi buraxıb hara qaça bilərik? Nəhayət, bu yazıq uşağın müqəddəratını kimlərə tapşırarıq? – Nina, bizim qəti tədbirlərimiz bundan ibarət olmalıdır: bizim sirlərimizin izinə düşən İraida Təbrizdən çıxarılmalıdır. Mən ona görəcəyimiz tədbir ətrafında düşünmək imkanını vermiş olmaq üçün, bir ara susub durdum, sonra təlqinedici tövrlə sözümə davam etdim: – Təbii, artıq İraida məni məhv etməyi bacarmaz, çünki onun məqsədini vaxtında öyrəndim. Mən Təbrizi buraxıb bir tərəfə çəkilə bilərəm, lakin sənin məsələn mənim gözümə durub. Sən bilirsən ki, Mahmud xanın səni almaq fikri də bu hadisədə mühüm rol oynaya biləcəkdir. Hərgah sən bu izdivaca razısan, arxayın ola bilərsən ki, sənin üçün heç bir qorxu yoxdur. Səhər tezdən İraidanın yanına gedərik, ona Mahmud xanın təklifinə razı olduğunu xəbər verərsən, bacın da sirrini kimsəyə açmaz, mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. Mən daş qələmlə qarşımdakı kiçik xatirat dəftərinə Ninanın cızmaqara şəklini çəkirdim. O isə yadından hər şeyi çıxarmış kimi dərin fikir dəryasına qərq olmuşdu. Onu mən indiki qədər ciddi və indiki qədər də düşüncəli görməmişdim. O, məsləklə, doğma bacısı arasında dururdu. O bunların birindən keçməli idi: ya bacıdan, ya da məsləkdən. Divar saatı üçü vurdu. Sabaha az qalırdı. Nina başını qaldırdı və alnına tökülən sarı saçlarını barmaqları ilə darayıb qəti: – Qoy o məhv olsun! – dedi. – Onun qanının heç bir qiyməti yoxdur. O, əks-inqilab cəbhəsindədir. Bundan da çirkin rəzalətə düşməmək üçün onun məhv edilməsi özü üçün də bir xoşbəxtlikdir! Hökmü bütün qətiyyəti ilə verməsinə baxmayaraq, gözləri yaşardı. Mən dedim: – Nina, bunların heç birisi olmasın. İraida səni əfv edər, yaşarsınız. Mən də bir tərəfə çəkilərəm. Bəlkə, bir zaman sonra görüşmək mümkün olar. Biz yoldaşıq, gəl üçüncü bir adamın zərər çəkməməsi üçün bu gecə vidalaşaq. Nina uşaq kimi hönkürə-hönkürə ağladı. Onu heç bir vəchlə sakit edə bilmədim. O, yarım saata qədər başını çiynimə söykəyib hıçqırdı. Nə vaxtdan sonra o ağladığının səbəbini dedi: – Onun xasiyyəti murdardır. Heç vaxt onun üçün ağlamaram! O mənim üçün çoxdan ölmüşdür, lakin o məni də aciz salmaq, məni də özü kimi satmaq istəyir. Bu hal, əlbəttə, ağlamalı bir haldır. O ölməlidir, o özünün də, yoxsul iranlıların da düşmənidir. O öz rahətindən ötrü hər şeyi sata bilər. Biz onu çoxdan Təbriz mühitindən uzaqlaşdırmalı idik. Bilmirəm sən bunu bacaracaqsanmı? Mən: – Bəlkə də, mümkün oldu, bəlkə də, bu təhlükəli işi də başımızdan edə bildik, – deyə onu sakit elədim. * * * Axşam idi, Məşədi Kazım ağa, Tütünçüoğlu və Həsənağa ilə birlikdə müşavirəmiz vardı. İraida məsələsi ətrafında meydana üç təklif çıxmışdı. Tütünçüoğlu sərdar Rəşidin bacısı Mahru xanımın fikri ilə şərik olaraq İraidanı zəhərləməyi məsləhət görürdü. Mən bu təklifi qəti surətdə rədd etdim: – Əvvəla, İraidanın zəhər içməsi Mahruya qarşı bir şübhə oyandıra bilər, onu sərdar Rəşid cəzasız buraxmaz. Nəticədə bu işin bizim tərəfimizdən düzəldiyi meydana çıxar. İkincisi də aşpaz həbs edilər və onun vasitəsilə də hökumət bu gizlin sirrin üstünü açar və bizim bu cinayətdən xəbərdar olduğumuz məlum olar. İkinci təklif Həsənağanın təklifi idi. O, çox qəti olaraq: – Kəsilən başdan səs çıxmaz! – dedi. – Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. Neçə əks-inqilabçı öldürmüşəm, qoy bu da biri olsun! Bu təklifi də rədd etdik və Həsənağanı da təklifin yaramaz olduğuna qane etdik. Mən dedim: – Sərdar Rəşid Ninanın Mahmud xana verilməsi ilə əlaqədar olaraq, mənimlə İraida arasında ixtilaf və ədavət mövcud olduğunu bilməmiş deyildir. Bundan başqa da sərdar Rəşidin evinə girərək İraidanı öldürmək və Mahrunu diri qoymaq yenə də böyük şübhə oyanmasına səbəb ola bilər. Bir də burası var ki, mübarizə bacarmayan bir qadını öldürmək bizə yaraşan iş deyil, hələ onun, Ninanın bacısı olduğunu da nəzərimizdə tutmalıyıq. Nina yalnız bir inqilabçı vicdanı ilə bacısının öldürülməsinə razılıq verir. Biz İraidanı öldürmüş olursaq, Nina hər halda şiddətlə sarsılacaqdır. Bu cür bir zərbə, onsuz da əsəbləri pozulmuş qızın səhhətini tamamilə alt-üst edər. Biz elə bir gərəkli yoldaşı itirə bilərik. Mən bu nöqteyi-nəzərdən, İraidanın cəzasının yüngülləşdirilməsini təklif edirəm. Bu təklifim üzərinə sakitlik başladı. Çox fikirləşdikdən sonra Məşədi Kazım ağa: – Nə təklif edirsiniz? – deyə soruşdu. Mən: – Onu oğurlamaq və Təbrizdən çıxarmaq lazımdır – dedikdə, hamı bir səslə soruşdu: – Nə cür oğurlamaq? – Onu mənə tapşırın. Siz ancaq hara aparmaq və harada həbsə almaq məsələsini həll etməlisiniz. Məşədi Kazım heç düşünmədən dedi: – O mənim işimdir. Təsvic kəndinə aparmalıyıq. Qardaşım orada yaşayır, bacım da oradadır. Bu qərar qəbul olundu. Bu bizim sirrimizin açılmaması üçün ən əlverişli bir yol idi. O bizim əlimizdə olarkən istədiyimiz vaxt öldürə də bilərdik. Lakin mən Təbrizin bu vəziyyətdə qalmayacağı və çar hökumətinin dünya müharibəsi nəticəsində əzilləcəyini, orada vətəndaş müharibəsi düşəcəyini, çar müstəmləkələrinin azad ediləcəyini əldə etdiyimiz bolşevik mətbuatından oxuyub bilirdim. İclasdan sonra biz Məşədi Kazım ağaya aşağıdakı vəzifəni həvalə etdik. Məşədi Kazım bu gecə saat beşdə faytonla Təsvic kəndinə getməli, İraidanı həbs etmək üçün yer hazırlayıb gizlicə Təbrizə qayıtmalı idi. Bu qərar da qəbul edildi. Mən: – İndi durub gedə bilərsiniz, burada yalnız Tütünçüoğlu qalmalıdır, – dedim. Müşavirə dağılanda saat doqquza on beş dəqiqə qalırdı. Mahrunun gəlmək vaxtı yaxınlaşırdı. Nə Hüseynəli əmi, nə də onun arvadı Səriyyə xala evdə deyildi. Mənim tapşırığıma görə, yenə də Məşədi Kazım onları evlərinə çağırmışdı. Gecə saat 12-yə qədər onları yaşadığım binaya buraxılmamalarını tövsiyə eləmişdim. Tütünçüoğlu bir neçə kərə: – Gəlmədi! – deyə ah çəkdi. Mən onun Mahrunu sevdiyini sərdar Rəşidin Ninaya qonaq gəldiyi gündən bilirdim. Lakin Tütünçüoğlu gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. O bilirdi ki, çar miralayının dul arvadını, Azərbaycan valisinin bacısını, yoxsul bir gəncə verməzlər. Buna görə də o öz sevgisini kimsəyə söyləməmişdi. Sirrini möhkəm saxlamasına baxmayaraq, onun: «O yubandı, gəlmədi!» – deyişində Mahruya qarşı olan hissi bütün coşqunluğu və dərinliyi ilə meydana çıxdı. Ona sual verdim: – Keçənlər keçmiş, indi də görüm Mahru xanımı necə ötürdün, nələr danışdınız? Tütünçüoğlu, bu haqda danışmağa könlü yoxmuş kimi, ağız sürütməsi dedi: – Heç nə, o yan-bu yandan bir neçə söz danışdıq. – Məsələn? – O, əvvəlcə soruşdu ki, sən cənabın faytonçusumusan? – Dedim ki, xeyr. Soruşdu: – Bəs faytonu sən nə üçün sürürsən? – Dedim: – Əbülhəsənbəy sizin onunla görüşdüyünüz gizli qalsın deyə faytonu mənə tapşırdı. Sonra: – Sən onun nəyisən? – dedi. – Qardaşıyam! – dedim. – Doğma qardaşımı? – Doğmadan daha artıq! – Sən də onunla bir işdəmi çalışırsan? – Bəli. Bu cavabım ona xoş gəldi: – O da yaxşı adamdır, onun dostları da yaxşı adamlardır! – dedi. Mənim maraqlandığıma görə Tütünçüoğlu bunu da qeyd etdi: – O, qapıya bir az qalmış faytonu saxlatdırdı. Əlimi sıxdı, ayrılıqda: – Əbülhəsənbəyə təşəkkürümü yetir, – deyib getdi. Burada Tütünçüoğlu bir az susdu, sonra dərin bir ah çəkərək yenə dedi: – Bəs bu harada qaldı? Nə üçün gəlmədi? Bu dəfə mən ondan açıqca: – Sən onu sevirsənmi? – soruşdum. – Sevdim nə olacaq?.. – Bəlkə, o da səni sevir. – Bu tezkən?.. Doğrudan da, tez idi, buna görə də, mən bu suala cavab verməyib Mahrunu təriflədim: – İnqilabçı qızdır. Bizə də çox hörməti var, eybi bircə budur ki, sərdar Rəşidin bacısıdır. Tütünçüoğlu etiraz etdi: – Mənə elə gəlir ki, o, inqilabçı deyil, bizə hörməti də inqilabçı olduğumuzdan deyil. – Bəs? – Onun bizə yaxın gəlməsinin iki başlıca səbəbi vardır ki, onlardan biri: onun millətçi olduğu, bir də qardaşına ədavət bəsləməsidir. Burada mən bir şey də deməliyəm: mənə elə gəlir ki, Mahru sərdar Rəşidin bacısı deyil. Qız nə xasiyyət, nə əqidə, nə də sifətcə sərdar Rəşidə bənzəmir. Qapı yavaşca vuruldu. Tütünçüoğlu cəld qapıya yüyürdü. Bir dəqiqədən sonra Mahru xanım qabaqca, dalısınca da Tütünçüoğlu içəri girdi. Mahru hələ mən danışmadan salamlaşıb: – İcazə verin çarşafı götürüm, – dedi. Çarşafı başından götürdükdə Tütünçüoğlu onu alıb səliqə ilə divanın üstünə qoydu. Mahrunu çay stolunun başında əyləşdirdik. Tütünçüoğluna eşitdirmədən ondan soruşdum: – Tütünçüoğlundan gizli sözümüz olacaqmı? O, yavaşcadan cavab verdi: – Siz ona inanırsınızsa, yox. Heç bir vaxt güldüyünü görmədiyim Mahru yenə də qəmli idi. Bu məhzun qadına qüssəli olmaq çox yaraşırdı, ona elə təbii bir vüqar və qürur verirdi ki, insan, bu qadının qəm və kədər çəkmək üçün yaşadığını və hüznün bu incə qadının əsas gözəl sifəti olduğunu etiraf etmək məcburiyyətində qalırdı. Onun vüqar və ciddiyyəti, dərin hüznü, hər kəsdə, dost olmayan adamda belə özünə qarşı bir hörmət oyandıra bilmək qüvvətinə malikdi. Biz hüzn və qürur heykəlinin qarşısında susur, onun özünün danışacağını gözlərkən o gözəl başını qaldırıb dedi: – İş bu yerdədir. İraida kağızı məndən tələb edir, bunu qardaşıma və konsula xəbər verəcəyilə məni hədələyir. Lakin mən onu bilirəm ki, əhvalatı konsula deyə bilməyəcəkdir, çünki Ninanın fəlakətə düşə biləcəyindən qorxur. Mən böyük bir ehtiyatla Mahruya belə bir sual verdim: – Siz bizim işimizdə axıra qədər iştirak edəcəksinizmi? Bu sual onu duruxdurdu. Aydındı ki, o bu sualı gözləmirdi, bununla belə o tezliklə özünü toplayaraq soruşdu: – Siz nə iş görürsünüz ki? – Bizim gördüyümüz iş, ən qiymətli bir arzunun yerinə yetməsində sizə kömək edəcəkdir. – Söz verirəm. İnanınız ki, məni sizə mühüm bir sirr bağlamışdır. Sizin məqsədinizin nə olduğunu, bəlkə də, yaxşı bilmirəm, bildiyim bir şey varsa, o da sizin acizlərin tərəfdarı olduğunuzdur. Mən də bu işin tərəfdarıyam. Bu məqsədə xidmət etmək üçün sizə öz sədaqətimi göstərmədimmi? – Göstərdiniz, bunun üçün də mən bir saat əvvəl bu gördüyün yoldaşıma haqqınızda dediklərimi sizin üzünüzə deyirəm: Siz gələcək inqilabçı oğulların və kölələk zəncirini qırıb atan mübarizəçi qızların anasısınız. Siz bunu yaxşı dərk etməli, azadlıq uğrunda apardığımız mübarizədə canla-başla iştirak etməlisiniz. Bunu da bilməlisiniz ki, bizim işimiz elə işdir ki, bəzən insan öz qardaşının da əleyhinə çıxmalı olur. Mahru dərhal nə demək istədiyimi başa düşdü: – Bilirəm, nə demək istədiyinizi anlayıram! – dedikdən sonra, qətiyyətlə bunu da xəbər verdi: – Mənim qardaşım yoxdur. Sərdar Rəşid mənim qardaşım deyildir! – Doğrudanmı? – Doğrudan. Mənim ona bacı sayıldığım qanlı bir facienin nəticəsidir. Hərgah cənabınız bundan maraqlanırsa, söhbət edə bilərəm. – Danışınız! – Mənim atam sərdar Rəşidin atasının bağbanı idi. Mən o vaxt yeddi yaşında idim. Onun atası hər gün bağa gələrkən mənim və anamın kefini soruşar və bizimlə saatlarca söhbət edərdi. Atam bundan xoşlanmırdı, anam da atama bizim oradan köçüb getməyimizi məsləhət gördü. Biz onun bağını buraxdıq. Payız vaxtı idi. Ərdəbildən çıxıb Mehrevdan mahalına getmək istədik. Gecə vaxtı idi. O, adamlarını göndərib atamı yolda öldürdü və bizi də Ərdəbilə qaytardılar. Onun zalım atası anamın yaxasından əl çəkmirdi. Ərdəbil müctəhidi Mirzə Ələkbərə şikayətə getdik. O da anamın ərə getməsini məsləhət gördü. Bacarmadıq, axırda yazıq anam öz istəkli ərinin qatilinə ərə getməyə məcbur oldu. Mən də anamla bərabər yaşayırdım. Anam da öldü, o məlun da ölüb getdi, mənsə orada düşüb qaldım, çünki bir adamım yox idi. Mən elə bilirdim ki, sərdar Rəşid Ərdəbil hakimidir, varlı və heç bir şeyə ehtiyacı olmayan bir adamdır. Məni atasının və anamın xatirinə öz bacısı kimi saxlamaq istəyir. Lakin mənim fikrim boşa çıxdı. O, Təbrizə gələndən sonra mənimlə çox namussuzcasına rəftar etməyə başladı. O, gecələr bir neçə kərə durub mənim yatağıma gəldi. Qışqırdım, səsə arvadı yuxudan ayıldı, lakin o da mənə kömək vermirdi, çünki o, arvadının da əxlaqını pozmuşdu. O, döşündən asdığı «İqabi-Səfid» nişanını Rusiya hökumətindən öz arvadının bahasına ala bilmişdir. Siz bilmirdiniz, o, İraidanı almamışdan əvvəl öz arvadını faytonu qoyub Şahzadə bağındakı rus məmurları hüzuruna aparırdı. Nəhayət, arvadın qardaşları bunu eşitdi, gəlib bacılarını apardılar. O məni dinc buraxmırdı, gecələr onun qorxusundan yata bilmirdim. Mənə yardım vermək istəyən qulluqçu qadınlar birinci həftədə evdən qovulurdu. Son vaxtlar yanımda bir şüşə zəhər saxlayırdım. O mənə yaxınlaşarkən şüşəni çıxarıb içmək istəyirdim, o isə çəkilib gedirdi. O mənim namusuma toxuna bilmədi, bunun üçün də məni cəzalandırmaq niyyəti ilə heç sevmədiyim, insan yerinə qoymadığım bir adama ərə vermək istədi. O, bir sərxoş kazak zabiti idi. Konsulxana mühafizəsində duran kazakların rəisi idi. Onu bir neçə kərə evə qonaq gətirdi. Məni onun yanında buraxıb çıxdı. Zabit mənə təcavüz etmək istədikdə mən şüşə və stəkanları onun başına vurub qaçdım. Bunun üçün də o məni döydü. Bir neçə həftə qaranlıq bir otaqda həbs elədi. Məni Smirnova ərə getməyə məcbur edən də vəziyyətimin belə ağırlığı oldu. Smirnovu bir neçə kərə görmüşdüm. O, gözəl bir adam idi. Lakin qızların hər sevdiyi adama getməsi vacib olmadığı kimi, mənə də sevdiyim Smirnova ərə getmək vacib deyildi. Mən öz namusumu sərdar Rəşiddən və onun mənə namizəd seçdiyi sərxoş kazak zabitindən mühafizə etmək üçün Smirnova getməyə qərar verdim. Lakin yenə də mənim yaxam onun əlindən qurtarmamışdı. Sərdar yenə də namussuzluğunda davam edirdi. O yalnız məni deyil, öz sevdiyi İraidanı da əxlaqsızlığa öyrətməyə çalışırdı. Onu çar zabitlərilə tanış edirdi. İraida hələlik buna imkan verməsə belə, nəhayət, buna məcbur ediləcəkdir. Mən və Tütünçüoğlu, hər ikimiz onu diqqətlə dinləyirdik. O, sözünü qurtardıqdan bir neçə dəqiqə sonra belə, biz bu sərgüzəştin təsirinin altından özümüzü qurtara bilməmişdik. Hələ İraidanın da yoldan çıxarılması xəbəri də məni düşündürməyə başlamışdı. Nə cür olsa, o yenə də Ninanın bacısı idi. Mahruya təsəlli verərək, bizim yolumuzun təmizliyindən, bizim məqsədimizi təqib edənlərin ən namuslu adam olduqlarından danışdım və nəhayət, dedim: – Qadınlarımızın qeydinə qalmaq, onları namussuz hakimlərin, mülkədarların, yüzlərcə, minlərcə sərdar Rəşidlərin təcavüzündən qurtarmaq istəyirsinizsə bizə qoşulun! Sonra ona bu vədi verdim: – Birinci növbədə sizi sərdar Rəşidin əlindən qurtarmağa çalışacağam. Sizə azad bir qadın kimi yaşamaq və sevdiyiniz bir adamla ailə qurmaq imkanını yaradacağam. Mahrunun gözlərinə bir ümid parıltısı gəldi, hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. O həyəcanla: – Sizin sərəncamınızdayam! – dedi. Mən dərhal onunla əməli söhbətə başladım: – Sərdar Rəşidin evində kimlər gecələyir? – Xidmətçilər və aşpazlar axşam saat ondan sonra evlərinə gedir. Evdə qalan yalnız ixtiyar bir qadındır, o da İraida xanımın kiçik buyuruqlarını yerinə yetirmək üçün qalır. – Həyətdə və qapıda gözətçi dururmu? – Xeyr. – Siz İraida ilə bir otaqdamı yatırsınız? – Xeyr. Hərəmiz bir ayrı otaqda yatırıq. – Xidmətçi qadın harada yatır? – Mətbəxin böyründəki kiçik otaqda. – Xidmətçi yatan otağın qapısı çöldən bağlandıqda xidmətçi qadın başqa bir qapıdan dışarı çıxa bilərmi? – Xeyr, o otağın çölə pəncərəsi belə yoxdur. – Çox pakizə, gecəni necə keçirirsiniz? – Axşam saat ona qədər yemək, içmək, xırda ev işləri ilə məşğul oluruq. Saat onda İraida öz otağına çəkilir, yatağında uzanıb kitab oxuyur. Mən də haman qoca arvadla dərdləşirəm, saat 12-də yatmağa girirəm. – Gecə saat birdə bütün qapıları açıq qoya bilərmisiniz? – Mümkündür, qoya bilərəm. – Bu məsələ qurtardı. İkinci məsələ sirrin gizlin qalmasıdır. – O barədə düşünməyin, lakin məni oradan qurtarmağa söz verin! – Qurtaracağıma əmin olunuz! Sabah gecə saat ikidə, məni orada gözləməlisiniz. Saat 11-də Mahru xanım getmək istədikdə, yenə də fayton qoşuldu. Tütünçüoğlu onu ötürdü. Evdə kimsə qalmadı. Nina pərdənin dalından çıxdı, stolun ətrafındakı stulda oturduqda: – Mən bu gecəni «Min bir gecə» hekayəsinin 2-ci bir hissəsi hesab edirəm, – dedi. – Qulaqlarıma inanmaq istəmirəm. Mən indi əmin oldum ki, bu qız bizim sirlərimizi heç bir kəsə verməyəcəkdir. Sən İraidanı oradan oğurlatmaqla həm bizim inqilabi işimizin gizlin qalmasına, həm də bacımın namusunun müdafiəsinə xidmət etmiş olacaqsan. – O, bir az düşünüb əlavə etdi: – Ah! İraida nə qədər alçalmışdır? Saat 12-də onu öz evinə ötürdüm. * * * İntibahnamələrin lazımi yerlərdə yapışdırılması, konsul ilə Hacı Səməd xan arasındakı münasibətin gərginləşməsi, Təbrizdə gizlin işləyən təşkilatın tapılmaması, Hacı Səməd xanın son günlərini yaxınlaşdırırdı. O, yenə azarlayıb yatmışdı, kimsəni qəbul etmirdi. Buna görə də çar konsulunun Azərbaycanı soymaq və istismar eləmək planları həyata keçməmiş qalırdı. Vəziyyət belə olduğu təqdirdə konsulun son ümidi sərdar Rəşidə qalırdı. Nina gündüz saat 2-də konsulxanadan, Savucbulağa teleqram göndərildiyi və sərdar Rəşidin Təbrizə dəvət edildiyi xəbərini verdi. Bizim də işlərimiz hazır idi. Sərdar Rəşid Təbrizə gəlincəyə qədər, İraida da öz yeni mənzilinə köçə biləcək idi. İraidanı Təsvic kəndinə aparmaq Tütünçüoğlu ilə Məşədi Kazım ağaya tapşırılmışdı. Axşam Saat doqquzda İraidanın bu məzmunda bir məktubunu aldım: «Əzizim Əbülhəsənbəy! Sabah nahar yeməyini bizimlə bərabər yeməlisiniz. Gözləyəcəyəm, sizə mühüm bir məsələdən danışacağam. İftixarüssultan İraida». Məni gülmək tutdu. İraidanın İran kübar qadınlarına məxsus ləqəb qəbul eləməsinə yanımdakılar da güldü. Şübhəsizdir ki, ona ləqəbi, sərdar Rəşidin daxil düşməsi ilə Hacı Səməd xan vermişdi. Biz onun məni nə üçün dəvət elədiyi üzərində heç də düşünmədik. Çünki «iftixarüssultan» xanımın Təbrizdə keçirəcəyi həyatın son saatları idi. O məni zəhərləməyə imkan tapa bilməyəcəkdi. Saat 2-nin yarısında mən, Həsənağa və Tütünçüoğlu evdən hərəkət elədik. Həsənağa faytonu qapıda saxlayacaq idi, fayton haqqında izahat istəyən olursa, tapşırığımıza görə, Həsənağa, «cənab sərdar Rəşid təşrif gətirmişdir», deməli idi. Tütünçüoğlu bomba əlində həyətdə duracaq, küçədən evə girənlərə mane olacaq idi. Mənsə içəri girəcək, İraidanı dışarı çıxarıb faytona əyləşdirəcəkdim. Düz saat 2-də biz sərdar Rəşidin qapısındaydıq. Mahru xanım qapını açmışdı. O, balkonda gəzişib həyəcanla bizi gözləyirmiş. Balkona çıxıb yavaşca salam verdim və onun əlini sıxdım. – Evdə kim vardır? – Əmin olunuz, heç kəs! Dəhlizə, oradan da salona daxil olduq. Salondakı lapmanın işığı azaldılmışdı. İşığı artırdım. Salondan yataq otaqlarına girən qapıları yoxladım; hər tərəfi, çıxacaq və girəcək yerlərini öyrəndim. Əvvəlcə xidmətçi qadın yatan qapının çöldən cəftəsini vurdum. Sonra qara ipək xələtə bürünmüş Mahru xanım qarşıma düşüb İraidanın yataq otağını mənə göstərdi. Zil qara saçlarını bir hörüklə arxasına atan Mahru qarşımda, mübhəm sirlərin qorxulu heykəli kimi hərəkət edirdi. Qaranlıqda yerişi, ehtiyatlı hərəkətləri, ipək donun xışıltıları ona fantastik bir varlıq görkəmi verirdi. O, İraidanın yatdığı otağı göstərdi və durub mat-mat üzümə baxmağa başladı. Əlimlə ona qayıtmaq işarəsi verdim, lakin o getmədi. O, sözü olan adama oxşayırdı. Mən ona pıçıltı ilə dedim: – İraida səni görməməlidir. Otağına get! Qoy səni səhər bura gələnlər açıb otağından bayıra buraxsın, sərdar Rəşid və başqaları səndən şübhələnməsinlər. O, yenə də durub baxırdı. Otağına girməkdə tərəddüd göstərirdi. Mən ona qəti olaraq: – Təxirə vaxt yoxdur! – dedim. – Fayton qapıda durmuşdu. Hərgah sən bu sirri saxlamaq üçün özündə cəsarət hiss etmirsənsə, gəl dalımca küçə qapısını bağla və mənim bura gəldiyimi kimsə bilməsin. Heç olmasa bu sirri saxla! Bu sözü deyərək dəhlizə dönmək istərkən o ətəyimdən tutdu: – Dayan! Tərəddüdüm qorxduğum üçün deyil, – dedi, – məni bu evdən qurtarmaq üçün qəti söz verməlisiniz! – Qəti söz verirəm, səni bu evdə qoymayacağam! Sözümün qətiliyi Mahrunu sakit elədi. O öz otağına daxil oldu. Qapını dışarıdan cəftələdim. İraidanın otağının qapısına gəldim. Otağa daxil olmaq mənim üçün çox çətin idi: bu çətinlik qorxudan deyildi, utanırdım, çünki İraida istidən tamamilə üstüaçıq yatmışdı. Başının üzərində yanan lampanın işığı, az da olsa onun çılpaq vücudunu bütün üryanlığı ilə nəzərə çarpdırırdı. Onun oxuduğu roman, yuxu tutduğu zaman, açıq döşlərinin üstünə düşüb qalmışdı. Bir məsələ də məni az-çox məşğul etdi: İraida ayılıb məni görərsə nə düşünər? O məni gördükdə Əbülhəsənbəy çılpaq bir qadının yataq otağına nə məqsədlə girmişdir, – deyə mənim haqqımda çirkin fikirlərə düşməzmi? Tərəddüdüm çox tez keçdi. – Qoy, nə düşünürsə-düşünsün! – dedim. – Nəticədə bura nə məqsəd üçün gəldiyimi biləcəkdir. Çarpayıya yaxınlaşdım. Arada, cürbəcür vəziyyətlərdə çəkilmiş çılpaq qadın şəkilləri ilə dolu olan divarlara da diqqət etdikdən sonra çarpayının ayaq tərəfindəki nazik yorğanı bu çılpaq vücudun üstünə çəkdim. Elə bu vaxt çarpayının baş tərəfində asılan kiçik, yaraşıqlı gümüş bir çərçivə nəzərimi cəlb etdi. Baxdım, bu Hacı Səməd xanın verdiyi fərmandı. Fərmanın məzmunu bu idi: Fərman «Hərəmi möhtərəmi cənab sərkar sərdar Rəşid İraida xanımla bələqəbi-iftixarrüssultan müləqqəb mifərmailm. Valiyi-əyaləti Azərbaycan, Hacı Şücaüddövlə Səməd xan. Təbriz, 1329 hicrin. Artıq təxir yaramazdı, onu yuxudan qaldırmaq istərkən özümdə bir cəsarətsizlik hiss etdim. Lakin başlanmış işi axıra yetirmək lazımdırl – deyə, sağ əlimdə naqanı tutaraq sol əlimlə onun saçlarını sığallamağa başladım. O, ayılmadı və nazlanaraq o biri böyrü üstə çevrildi. Bu vəziyyət bir neçə saniyə davam etdi. Nəhayət, onun başını bərk-bərk silkələdikdə o, gözlərini açdı. Gözlərini geniş-geniş açıb otağa və mənə baxdı, hələ özünə gəlib qışqırmağa macal tapmadan, hədə ilə ona dedim: – Diri qalmaq istəyirsənsə, səsini çıxarma! O, bu sözləri eşitdikdən sonra, tapançanı alnına söykəyən əli tanıdı, bir titrək, birdən-birə batmış kimi çox asta çıxan bir səslə: – Əbülhəsənbəy, sən bizimlə bunun üçünmü tanış oldun? – dedi. – Şərqlilər... Sən gecənin bu vaxtında məni qorxutmaq və... gəldin? Heç bir sözüm yoxdur, mənimlə istədiyini edə bilərsən, ancaq onu da bil ki, mən Ninanın bacısıyam. Uzun danışmağa vaxt yoxdu, mən onu sakit etmək üçün məsələni açmalı, tezliklə işi bitirməli idim. – İraida, sakit ol, mən bura şərəfsizlik üçün deyil, səni böyük bir şərəfsizlikdən qurtarmaq üçün gəlmişəm, – dedim. – Sən yenə də məni əvvəldə tanıdığın kimi tanımalısan, mən sənə qəsd etmək istəmirəm. Məni Mahmud xana satdığın, məni zəhərləmək, Ninanı da özün kimi bədbəxt etmək istədiyinə qarşı da heç bir söz demirəm. Bunun müqabilində mən səni iki böyük şərəfsizlikdən və tarixi xəyanətlərdən saqındırmağa çalışıram. Mən heç bir zaman Ninanın bacısının sərdar Rəşid kimi namussuzların vasitəsilə satılmasına və bir çar casusu kəsilməsinə imkan verməyəcəyəm. İraida, sən bir yaxşı düşün, atan kim idi? Çar üsuli-idarəsi ilə mübarizə aparan bir kişinin qızı, çar hökumətinin bir casusu kimi işləmək istərsə, onu cəzalandırmaq lazım deyildirmi? İraida utanır, nə edəcəyini bilmir və düşünürdü. dü K il 3 k. mi TE m. M. . C , “əə "İd Mən yenə: – Sən İrana çar konsulunun əlində alət olmaq və namussuz yolları təqib etmək üçünmü gəldin? – dedim. – Əcəba, sən Nina ilə birlikdə yaşaya bilməzmi idin? Duril Paltarlarını geyin! Uzun danışmağa vaxt yoxdur, tez dur! Qorxma! İraida: – İnanıram, – dedi, – mən öldürməyə aparırsan, məni bağışla, hər cür diriliyə razıyam. Məni öldürməyəcəyinə söz ver! – Qəlbindəki sirləri gizlin saxladıqda və bu hadisə haqqında kimsəyə bir söz söyləmədikdə getdiyin yeni mənzildə kimsəyə xəbər vermədən yaşadıqca diri qalacaqsan. Sənə hörmətdən başqa bir şey göstərilməyəcəkdir. Onu da bil ki, bu həyatın çox davam etməyəcəkdir, çünki Səməd xanların, sərdar Rəşidlərin ömrü uzun deyildir! Qalx, yalnız əyin paltarlarını götür! O, qalxıb paltarlarını böyük bir çamadana yığdı və mənim tələbim üzərinə qara ipək çarşafını başına salaraq, evdən çıxmağa hazırlaşırkən: – Bir az dayan! – dedim. – Sərdar Rəşidə bir məktub buraxmağın lazımdır. Otur, dediklərimi yaz! O oturub yazmağa başladı: Möhtərəm sərdar Rəşid! Sən bilirsən ki, biz ayrılmalı idik. Məni nə sənin böyük vəzifə daşıdığın, nə mənə verdiyin sərvətlər, nə də müsəlman etmək üçün təkrar etdirdiyin şəhadət kəlmələri sənə bağlaya bilməzdi. Çünki mən general-konsulun vasitəsilə evinə gəldiyim zaman yalnız sənin üçün gəldiyimi düşünürdüm. Nəhayət, az keçmədən, məni də öz bacın və öz birinci arvadın kimi sataraq özün üçün vəzifə qazanmağa başladın. Sən də çar sahib mənsəbləri kimi öz arvadının hesabına böyümək istədin, lakin məndə buna razılıq verəcək vicdan yoxdur. Məcburi olaraq Rusiyaya qayıtdım. Sənin evindən öz paltarımdan başqa heç bir şey götürmədim. Səlamət qal. İraidaə. Çamadanı özüm götürüb onu faytonun yanına kimi ötürdüm. Vidalaşarkən ağladı və: – Məni unutmayın, - dedi. – Mən bu vaxta qədər insan kimi yaşamadımsa, bundan sonra namuslu insan həyatı keçirəcəyimi sizə söz verirəm. Ninanı məhəbbətlə saxla, onun qəlbinə toxunma! * * * İraidanın həbsindən sonra Səhər saat 7-də qapımız vuruldu. Gələn Nina ilə sərdar Rəşidin kiçik xidmətçisi idi. Qapını açan kimi, Nina saxta bir təşvişlə dedi: – Tez geyin gəl, İraida yoxdur! Beş dəqiqədən sonra onlarla bərabər Rəşidin evinə getdim. Nökərlər, qadın qulluqçuları, qonşular hamısı salonda toplanıb birbiri ilə pıçıldaşırdı: Mahru xanım dizlərini qucaqlayaraq divanın üstündə oturub matmat ətrafına baxırdı. Mən Mahru xanıma sual verdim. – Mahru xanım, bu nə deməkdir? – Heyrətdəyəm. O, axşam bizimlə birlikdə şam yeməyini yedi, saat on birə qədər oturduq, on birdə hər kəs öz otağına çəkildi. Səhər biz otaqdan dışarı çıxmaq istədiyimiz vaxt, qapıların daldan bağlı olduğunu gördük. Qulluqçular gəlincə, biz otaqda qalmışdıq. – Onun başına nə fəlakət gəldiyini bilmədinizmi? – Heç bir səs-küy eşitmədik. Budur məktub da yazıb qoymuşdur. Oxuyun! Mən haman saat məktubu aldım. Bu məktub bir tərəfdən konsulu, digər tərəfdən də sərdar Rəşidi ifşa etmək üçün bir vəsiqə idi. Məktub sərdar Rəşidin əlinə keçsəydi başqasına göstərmədən gizlədərdi, çünki İraidanın məktubu onun bütün namussuzluğunu ifşa edirdi. Məktubu Nina da oxudu və hər ikimiz: – Zavallı qadın qaçmağa məcbur olmuşdur, – dedik. Hələ biz orada ikən Hacı Səməd xanın və konsulun göndərdiyi adamlar gəldi. Mahru xanım onlara da bizə dediklərini söylədi. Onlar Mahrunun ifadəsini yazdı və İraidanın yazdığı məktubu tələb etdikdə mən: – O məktubu şəxsən cənab generala verməliyəmi – dedim. Konsulxanaya Nina ilə bərabər getdim. Konsul və onun ailəsi bu hadisə ilə çox maraqlanırdı. Onlar İraidanın getməsinə inanmırdı. Onların fikrinə görə, bu hadisə Hacı Səməd xanın sərdar Rəşidə qarşı bəslədiyi düşmənçilik nəticəsində düzəlmiş və İraidanı sərdar Rəşidi Təbrizdə nüfuzdan salmaq üçün aparmışlar. Biz içəri girəndən sonra bu fikir tamamilə dəyişdi. İraidanın yalnız öz şeylərini alıb nə kimi məcburiyyətlə getdiyinə dair məktub buraxdığını eşidərkən sakit oldular. Konsul məktubu oxuyunca rəngi dəyişdi: çünki məktub qismən onu da ifşa edirdi. O, məktubu mənə çox böyük bir tərəddüdlə qaytardı. Ninanı da çağırdı. O bizi balkonda, səhər çayı üçün hazırlanmış stolun yanında əyləşdirdi və dedi: – Bu hadisə mənim üçün gözlənilməyəcək bir zərbədir. Mən bu ağır kədərinizdə sizə şərik olmaqla bunu da deməliyəm ki, mən İraidani Rəşidə ərə getməyə razı saldığım vaxt, sərdarı tanımamışdım. Heç şübhə yoxdur ki, mən sərdar Rəşidi məktubda yazılan bir şəxsiyyət kimi tanımış olsaydım, heç vaxt İraidanın belə bir çirkabın içərisinə düşməsinə razılıq verməzdim. Buna siz inanın. Ancaq mən sizdən bir şey rica edəcəyəm. Bu məktubu kimsəyə göstərməyin. Sərdar Rəşidi nüfuzdan düşürə biləcək heç bir təşəbbüsdə bulunmayin, çünki sizə də məlum olduğu üzrə, biz onu böyük bir vəzifəyə hazırlayırıq. Məmləkəti idarə etmək üçün lazımi adamlar yoxdur. Hacı Şücaüddövlə xəstədir, işləri apara bilmir. Sərdar Rəşidin bu hərəkətinə gəldikdə, onu mən məzəmmət edərəm, siz isə İraidanın qeydinə qalmalı və onun dalınca adam göndərməlisiniz. Hərgah o, burada yaşamaq istəmirsə, pul və məsarif barəsində yardım göstərəsiniz. Ninanı çağırdılar. Bu konsulun tədbiri idi. Mənimlə təklikdə danışılacaq bir söhbəti var imiş. O, bir siqar yandırıb çəkdi və dedi: – Mən sizi bir neçə gün bundan qabaq çağırıb söhbət etmək istəyirdim, amma boş vaxt tapa bilmirdim. İndisə fürsət əldə ikən bir məsələ haqqında danışmalıyıq. Vaxtınız vardırmı? – Buyurun, cənab general, – dedim, – mən dinləməyə hazıram. Konsul qaşlarını dartaraq: – Məsələ olduqca çətin və dolaşıq bir məsələdir, – dedi. – Nina xanımın başqasına ərə getməsi haqqında heç bir söz ola bilməz. Qızın özü də buna razı deyildir. Lakin Mahmud xan da dediyindən əl çəkən adam deyildir. Bu barədə sərdar Rəşidin də fikri başqadır. O, dəxi Səməd xanın adamları ilə sıxı əlaqəyə girməli və yerini, nüfuz və hökmünü indidən möhkəmlətməlidir. Cənab generalqubernator də bunu məsləhət görür. O sizə bəslədiyi səmimi dostluq əlaqəsini iqrar etməklə bərabər, Ninanın Mahmud xana verilməsi tərəfdarıdır. Bu barədə hələ rəsmi olmasa da, o mənə müraciət etmişdir. Mən sizin də fikrinizi bilmək istərdim. Çünki Nina məsələsi yalnız bir qızı ərə vermək məsələsi deyildir. Burada bizim İranda apardığımız siyasətin də interesi vardır. Siz bilirsiniz, istər sərdar Rəşid, istərsə də Mahmud xan bizə lazım olan adamlardır. Onu da sizə söyləmək istəyirəm ki, Ninanın Mahmud xana ərə getməsi nəticəsində, bizim sizinlə olan dostluğumuza heç bir xələl dəyməyəcəkdir. Xüsusən mənim ailəmdə sizə qarşı başqa bir fikir mövcuddur ki, o barədə Nina Mahmud xana getdikdən sonra danışa bilərik. Konsul Ninanı Mahmud xana vermək üçün məni razı salmağa və məsələni ixtilafsız həll etməyə çalışırdı. Hələ bir neçə gün bundan əvvəl mənim rusca savadlı olub-olmamağımı soruşur və ixtisasım haqqında məlumat toplayırdı. O mənim Rusiyada texniki məktəbi bitirdiyimi eşidərkən sevinərək bunu arvadına və qızlarına söyləmişdi. Bununla çar konsulu Ninanın yerinə öz dul qızını mənə təklif etməyə hazırlaşırdı. Mən konsulun dediyi sözlərin cavabını çox da yubandırmaq istəməyərək dedim: – Mən cənab generalın iradəsi xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam. Mənim hər bir məsləhətim, hazırkı yaşayışım və gələcəyim dəxi sizin iradənizdən asılıdır. Konsul bu sözümdən ruhlandı və arvadı Anna Semyonovnanı çağıraraq: – Baxnə tərbiyəli bir insandırİl – dedi. – O, bütün müqəddəratını bizə tapşırır və iradəmiz xaricində iş görməyəcəyini təkrar edir. Mən sözümü davam etdirərək söylədim: – Mən Ninanın xoşbəxt olmasını istəyənlərin birincisiyəm. Mən heç vaxt onun səadətinin yolunda tikan əkmək istəmirəm. Xüsusən mən Mahmud xan kimi böyük və nüfuzlu bir hökumət adamı ilə başbaşa vuran adam da deyiləm, mən tacir bir adamam. Mahmud xanın da mənə qarşı ədavət bəslədiyinə inanmıram, çünki mən bu məmləkətin dinc və heç kəsə zərəri dəyməyən bir vətəndaşıyam. Zənnimcə, cənab general da, onun ailəsi də mənim şəxsi tərbiyəmdən xəbərdardır. Hərgah cənab generalın üzərimdəki himayəsi mövcud olmasaydı, mən çoxdan bəri bu məmləkətdən yığışıb getmişdim. Mən sizə söz verirəm, heç bir zaman Ninanın sərbəstliyinə zərər verəcək hərəkətdə bulunmayacağam. Zənn edirəm ki, mən bu məsələyə maneə törətmədiyim üçün Mahmud xanın mənə qarşı zərərli fikir daşıması da yersizdir. Konsul əlini çiynimə qoyaraq dedi: – Sizə qarşı heç bir zərərli hərəkətdə buluna bilməz. Buna biz də imkan vermərik. Nina məsələsinə gəldikdə, necə ki, dedim, yenə də deyirəm, bu siyasi bir məsələdir. – Hərgah Nina bu xoşbəxtliyi təqdir edirsə, mən də onu təbrik elərəm. Konsulun arvadı Anna Semyonovna sözə qarışaraq qeyd etdi: – Mən generalın fikrilə hesablaşa bilmirəm. Nina Əbülhəsənbəyin onu rədd etdiyini, başqası ilə evləndiyini bir həqiqət olaraq yəqin etməzsə, o heç vaxt Mahmud xana ərə getməyə razı olmaz, çünki qız ürəyi siyasi məqsədlər və diplomatik düşüncələrlə deyil, öz meyili və arzuları ilə hesablaşır. Nina bunu sevir, madam ki, bu bir qıza nişanlanmamışdır, Nina heç bir zaman qəlbindəki sevgini başqasının sevgisi ilə əvəz etməyəcəkdir. Buna görə də, Əbülhəsənbəyin evlənməsini Ninanın ərə getməyindən qabağa salmalıyıq. Konsul: – Etirazım yoxdur!— dedi. Mən durub salona keçdikdə, Ninanı görmədim, o öz iş yerinə getmişdi. Orada konsulun böyük dul qızı Olqadan başqa kimsə yoxdu. O, kitab şkafindakı lüğətlərə baxmaqla məşğul idi. Məni görərkən əlini şkafdan çəkdi: – Bah, mən heç sizin burada olduğunuzu güman etmirdim, – dedi, – mən elə bilirdim ki, siz atamla bərabər çıxıb getdiniz. Bax gör nə gözəl kitablarımız vardır. Mən kitab şkafına yaxınlaşarkən o da əlini çiynimə qoyaraq məndən soruşdu: – Doğrudurmu siz daha Nina ilə evlənmək istəmirsiz, ondan vaz keçmişsiniz? – Evlənmək üçün kişinin ağlı deyil, qadınların rizası lazımdır! Olqa: – Elə deyil, – dedi, – çox da mən birisinə ərə getməyə razıyam, mən ərə getmək istədiyim zatın rizası olmazsa bir nəticə çıxarmı? – Razılıq qarşılıqlı olmalıdır! – Sizin hiss və istəyiniz qarşılıqlı deyilmi? – Onu düşünməmişik. Biz bu günə qədər evlənmək və ərə getməkdən heç bir söhbət açmamışıq. – Yaxşı da etmişsiniz, çünki o sizə ərə getmək istəmir, o, Mahmud xana gedir. – Gedirsə, təbrik etmək lazımdır! Bu söhbət uzanacaq idi. Nadeida və Anna Semyonovna gəldi. Gəzmək üçün bağçaya düşdük. Olqa daha yanımdan ayrılmırdı, bütün söhbəti məndən və mənə qarşı bəslədikləri məhəbbətdən idi. Onlar Ninanın ailə qurmağa qabil bir qız olmadığından danışırdılar: o, qanı soyuqmuş, o yaxşılığı təqdir etməyən bir qızmış. Ondan xilas olmaq mənim üçün bir səadət imiş və s. Mən sərbəst düşünmək üçün buradan qurtulmaq üçün bəhanə axtarırdımsa da, bir şey çıxmırdı. Hovuzun yanında qoyulan stullara çatdıqda Olqa anasına müraciətlə: – Biz burada oturmalıyıq, – dedikdə, onlar ayrılıb getdilər. Biz oturduq. Olqa quzuqulağı otlarının ucundakı ağgülləri qoparıb suyun üzərinə düzməklə məni əyləndirdikdə, mən də başımda dolaşan qarışıq fikirləri bir-birindən ayırmağa, hər birisi haqqında ayrıca düşünməyə çalışırdım. Lakin bu mümkün deyildi. Beynimdəki əhatə qüvvələri pozulmuş kimi idi. Nəçi olduğumu və nə iş görəcəyimi unutmuşdum. Son günlərimi yalnız qadın münaqişələri doldurmuşdu. Qadın məsələsinin dolaşıq torları içərisində ilişib qalırdım: xüsusən konsulun son hiyləsi və qızının saxta sevgi söhbətləri məni təhqir edir, fikrimi daha da dolaşdırırdı. Bir tərəfdən də Ninanı düşünürəm. İran inqilabına ciddi bir xidmət göstərmiş və bütün varlığı ilə, qanı ilə, sevgisi ilə mənə qarışmış Nina təhlükə qarşısında idi. O, bir çar diplomatının əlində alət olaraq Mahmud xan kimi rəzil və sərxoş bir adama satılırdı. O biri tərəfdən amerikalı qızın taleyi qarşısında da məsuliyyət hiss edirdim. Onu rədd etməklə bərabər namusunu da müdafiə etmək lazımdı. Qarşımda duran düşmənlər isə çar diplomatları, Azərbaycan valisi, Təbriz şəhərinin komendantı və gündə əllisinə satılan Hüsni xanım, Xoşu xanım, Səlimə xanım, Pərirux, Şuxşəng və sairələr idi. Üçüncü tərəfdən də İraida məsələsi meydana çıxmışdı. Onun əlində olan sirlərin gizlin qalması üçün onu həbs etmək lazım olmuşdu. Bizi təhlükədən qurtarmış və sirdaşımız Mahru xanımı da sərdar Rəşidin əlindən qurtarmalıydıq. Mən bunları düşünür və içimdə ilan kimi qovrulduqca, konsulun qızı da, bu biri tərəfdən beynimə və qəlbimə yol tapmaq istəyirdi. O, çiçəkləri suya düzür, fontanın qətrələri onları sahilə qovur, onları bir-birindən ayırır, sonra toplayır, qoşalaşdırır... Qız isə mənalı: – Bax, çiçəklər də qucaqlaşır! – deyir və mənə öz qordarma sevgisini elan edir, atası tapşırdığı rolu məharətlə oynamağa çalışırdı. Qız hər şeyi açıb dedi: ata-anasının bütün məni evləndirmək planlarını söylədi. Onun dediyinə görə işin tamam olması üçün izdivac ziyafətindən başqa heç bir şey qalmamışdı. Mən qıza ancaq: . – Bunların hamısı cənab generalın iradəsindən asılıdır, – dedim. * * * Təsvic kəndinə qədər İraidanı ötürmək üçün gedən Məşədi Kazim ağa və Tütünçüoğlu qayıdıb gəlmişdi. Məşədi Kazım ağa bu səfərindən olduqca məmnun qalmışdı, çünki Təbriz inqilabına para ilə yardım etməsinə baxmayaraq, o, şəxsi fəaliyyət göstərməmişdi. İndicə böyük bir təşəbbüsdə iştirak etdiyi zənnilə çox məmnun idi. Onlar iki məktub gətirmişdi: məktubun birisi Ninanın, ikincisi isə mənim adıma idi. Mənə yazılan məktubun məzmunu bu idi: «Möhtərəm Əbülhəsənbəyl Mənim yeni mənzilim çox yaxşıdır. Havası sərindir, yaşıllıqları var. Yaşadığım binanın gözəl bağçası vardır. Mən sizin bu qədər nüfuz sahibi olduğunuzu bilmirdim, hərgah bunu bilmiş olsaydım, xəyanət etmək fikrinə düşməz, Ninanı Mahmud xana verməyə razı olmazdım. Bunların hamısı keçmişdir. Mən sizə bir neçə mühüm xəbər verməyi lazım bildim. Sərdar Rəşid Mahmud xanla görüşüb danışdığı zaman sizin ödürülməniz məsələsi də müzakirə edilmişdi. Ancaq onlar konsul cənablarından qorxurlar. Konsul Ninanın Mahmud xana verilməsinə tərəfdar olmaqla bərabər, sizinlə olan əlaqəni də möhkəmləndirməyə səy edir. Onlar qızlarını sizə verməyə çalışırlar ki, bu da sizin sərvətinizə və Ninanın əlində olan bahalı zinətlərə yiyələnmək xatiri üçündür. Doğrusu, sizi aldatmaq istəyirlər. İkinci demək istədiyim Ninanın kitabları arasından vəsiqə götürməyimdir, onu da bilirəm ki, bunun üçün də məni cəzalandırdınız. Əbülhəsənbəy, sizə və Ninaya and içirəm ki, mən haman vəsiqəni itirmişəm, onu Mahrunun götürdüyünü yəqin etdimsə də, o, inkar elədi. Hazırda mənim həbs edilməyimlə sizin sirləriniz dəfn edilmir, o sirlər Mahrunun əlinə keçmişdir. Siz hər halda onun da qeydinə qalmalısınız. O, çox şübhəli qadındır, siz ondan qorxun! Mən bu vəziyyətə düşəcəyimə heç də inanmırdım, məni bu vəziyyətə salan general-konsul oldu. Sizdən rica edirəm, Ninanın mənim günümə düşməməsinə çalışınİ Siz mənə nəzarət üçün təyin etdiyiniz adamlara yazıb, onları inandırın. Mən o xəyanətlərimdən utanıram, bir də elə xəyanətlərə iqdam etməyəcəyəm, buna görə də onlar məni bir az azad buraxsınlar. Ninaya tapşırın ki, mənə kitab göndərsin. Bədbəxt İraidaə Ninanın dalınca da adam göndərmişdim. Yarım saat keçməmiş o da gəlib çıxdı və Məşədi Kazım ağanı görən kimi xəbər aldı: – Səfəriniz necə keçdi? – Çox pakizə! – İraida özünü necə hiss edir? – Çox gözəl, xüsusən yaşadığı binadan və binanın bağçasından çox razıdır. Onun qulluğunda qardaşımın iki qızı durur, onun istirahəti və xoş yaşaması üçün hər şey hazırdır. Sizə məktubu var. Nina məktubu alıb oxudu: Köziz bacım Nina! Sən ağılsızlığımı kiçikliyimizdən bilirsən. İşləri gətirib bu yerə çıxaran mənim öz ağlım oldu. Nina, sən general-konsula inanma! Məni bu günə qoyan onun məsləhətləridir. Sən öz yolunu dəyişmə. Getdiyin yaxşı yoldur, mən indi ayılmışam, keçən günlərim gün deyilmiş! Anama məndən heç nə yazma! Mümkün olsaydı özüm yazardım. Heç nəyə ehtiyacım yoxdur, ancaq səni görmək istəyirəm. Nina, sən qızlıqda oxuduğun romanların qəhrəmanlarına bənzədin, sən böyük bir şəhərin altını üstünə çevirməyi bacarmışsan. İraidaə. Nina İraida məsələsinin ağrı-acısız həll olunduğu üçün əlimi sıxıb təşəkkür etdi. Söz konsulxanadakı hadisələr üstünə gəldikdə o: – İntibahnamələr konsulu tamamilə sarsıtmışdır, – dedi. – Gizlin teleqramların Təbriz divarlarına yapışdırılmasını alman agentlərindən görürlər. Konsulxanada bərk təmizlik aparılır. Çıxarılmalı və məsuliyyətə alınmalı işçilərin siyahısı tutulmuşdur. Mən Ninaya sual verdim: – Orada sənin də adın vardırmı? – Xeyr, yoxdur, lakin bizi gözləyən bundan daha böyük, daha dəhşətlidir. Konsulun Mahmud xan barəsindəki fikri qətidir. Bunu konsulun böyük qızı Olqa mənə xəbər vermişdir. Qız məni sevir, o bizim həyatımızın pozulmasına razı deyildir. – Nina, sən buna inanma! – Sən də qızın sənə ərə getmək istərəm deməsinə inanma! Çar diplomatı şeytandan çox bilir. Qızı sənə yaxınlaşmağa və sevgi elan etməyə məcbur eləmişlər. Lakin Mahmud xan evləndikdən sonra sənə Mahrunu təklif edəcəklər. Bunların hamısını konsulun qızı mənə xəbər verdi. Mən güldüm: – Demək ki, mən gələcəkdə Mahru haqqında da düşünməliyəml – Bəli, onda sən Tütünçüoğlu ilə də rəqabətə başlayacaqsan. Çünki Mahru ilə Tütünçüoğlu bir-birini sevir. O susdu. İndi onun çöhrəsi yeni kədərlər və yeni qəmlər ifadə edirdi. Onda yenə ortalığa boşalmaq istəyən ürəkdeşən dərdlər var imiş. – Hadisələr içində dolaşıb qalmışam. Nə yediyimi, nə də içdiyimi bilirəm. Ən rəzil adamlar haqqında düşünmək, lazım gəlirmiş. Budur, Mahmud xanın məktubu! Bunu oxuyarkən insan qeyri-iradı qışqırmaq və çıldırmaq dərəcəsinə gəlir. Məktubu mənə verərkən o ağlayırdı. «Gözəl Nina! Şübhəsiz ki, cənab general və onun xanımı, haqqımda sizə buyurmuşlar. Buna görə də mən sizin sükutunuza heç bir məna verə bilmirəm. Əlhəmdulla, sizin özünüz məni tanıyırsıniz, bilirsiniz ki, Təbrizin həqiqi sahibi yalnız Mahmud xandır. Hacı Səməd xanın sağ əli və əmisi oğlu olmaqla bərabər Marağa şəhərinin böyük mülkədarıyam. Mənə yəqin olmuşdur ki, o yoxsul və əlindən heç bir iş gəlməyən tacir sizi alsa da saxlaya bilməz. Hərgah siz ondan qorxursunuz, mən onu bir gecənin içərisində Təbrizdən yox etdirərəm. Mən sizi istədiyim zaman küçənin birisində götürüb faytonuma qoyub apara da bilərəm, lakin bu iş cənab generala qarşı bir hörmətsizlikdir. Çünki siz onun ailəsinə daxilsiniz. Məni səbir etməyə vadar edən də budur. Cənab generalın ailəsinə mənsub bir qızla evlənmək bizim tayfamız üçün də böyük bir şərəfdir. Sizə tapşırıram, bir də o tacirlə görüşməyəcək və onu evinizə buraxmayacaqsınızl Hərgah o öz şeylərindən ötrü haman evi öz evi hesab edirsə, onları göndərəcəyim şeylərlə əvəz edə bilərsiniz. Cavab gözləyirəm. Mahmud xanə. Məktubu oxuduqda mən gülürdüm, çünki Mahmud xan işin tamamilə bitib qurtarmış olduğunu zənn edirdi. Bitməyən bir iş varsa, o da Ninanın faytona qoyulub onun evinə göndərilməsi imiş. Gülərək Ninaya dedim: – Düşünməyə lüzum yoxdur. Hər iş yerindədir. Bu barədə həm Həsənağa, həm də Tütünçüoğluna lazımi göstəriş verilmişdir. * * * Məqsədə doğru Müharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi. Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək: – Eşq, məhəbbət məktubunu gündüz yazmaq cayiz deyil, – dedim, – onu gecə saat birdən sonraya buraxmalısan. – Eşq, məhəbbət məktubu yazmağa lüzum qalmadı, onu göndərəcəyim adam hazırda qarşımdadır. – Buna inanmaq olurmu? – Sənin mənə inanmamağına heç bir əsas yoxdur! Yazdığım kağızı mən heç bir kəsə göstərməməliyəm. Lakin səni şübhədən çıxarmaq üçün göstərirəm. – Mən ingiliscə oxuya bilmirəm. – Elə isə dinlə özüm oxuyum. Kağızı oxudu. Orada yaxında çağrılacaq bir iclasın gündəlik müzakirəsi yazılmışdı, buradan bir şey anlaşılmadı. Miss Hanna izahat verərək: – Müharibə olacağı qətidir, – dedi, – bu iclas Amerika ticarət müəssisələrinin təsviyyə edilməsi məsələsini müzakirə eliyəcəkdir, çünki İran tacirləri belə zamanlarda çox tez-tez iflas edə bilər. Buna görə də ticarət müəssisələrinin kreditləri dayandırması və əldə olan malları da ucuz qiymətlə buraxmaması lazımdır. Mən yenə də Məşədi Kazım ağanın varlanacağını düşündüm. Miss Hanna Şümşad xanımın az-az, hətta bəzən üç gün təxirlə gəlməsini söyləyib, buna təəccüb etdiyini də bildirdi. Xidmətçi qadın miss Hannanı çağırdı, qız durub getmək istərkən onun koftasının cibindən bir kağız düşdü. Kağızı götürdüm. Oxumağa fürsət olmadığından cibimə qoydum. Durub getməyə tələsirdim. Buna bir bəhanə olmaq üçün soruşdum: – Sən bir yerə getməyəmi hazırlaşırsan? – Xeyr, axşam saat beşdə gedib səkkizdə də evə qayıtmalıyam. Bura gələcəkmisən? – Bəlkə, gələ bilmədim, çünki Ələkbər yoldaş yalqızdır. Vidalaşıb çıxdım. Qapıdan bir az aralanmışdım ki, gizlətdiyim məktubu açıb oxumaq istədim. O, zəfəran suyu ilə yazılmış bir məhəbbət duası idi. Mən Şümşad xanımın onu dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. Qız özü də bunu mənə demişdi. Kağızı cibimə qoyub birbaş Məşədi Kazım ağanın hücrəsinə gəldim. O, dizlərini qucaqlayıb oturmuşdu. Kədərli idi, çünki bu günlər Təbriz tacirləri çox böyük kasadlıq çəkirdi. O, məni gördükdə özünü düzəltdi. Xəbər aldım: – İşlərin necə gedir? Konsulxana vasitəsilə para qazana bilirsənmi? – Qazanıram, amma bu qazancla milyonçu olmaq mümkün deyildir! Hərçənd məsarif ödənir, bir az artıq da qalır, lakin bu qazanclar sandıq dolduran qazanc deyildir. – Sənə sandıq dolduran bir qazanc yeri göstərəcəyəm. Müharibə başlanacaqdır. Ticarət karvanlarının yerinə hərbi ləvazimat karvanları işə düşəcəkdir. Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də çox ağır qiymətə duracaqdır. Sizə tövsiyə edirəm, anbarları dolu saxla, bacarsan anbarların yerini dəyişdir, qiymətli mallarını evdən anbarlara daşı, çünki müharibə zamanı çar konsulu bəzi şeyləri ordu ehtiyacı üçün müsadirə edə bilər. Bu burası. Başqa bir qazanc yeri də göstərəcəyəm: amerikalıların ticarət müəssisələrində hər nə malları varsa al. Onun gözlərinə sanki təzə bir işıq verildi, ayağa qalxaraq gözlərimə baxdı. – Mən ölüm, düzmü buyurursunuz? – deyə soruşdu. – Həqiqəti söyləyirəm, vaxt keçməmiş özünü Amerika ticarət müəssisələrinə yetir! – Mənim malım, canım inqilab yolunda qurbandır. İnqilab üçün də qazanıram. Hələ de görüm bəs siz sərf etdiyiniz pulu haradan alırsınız? Nə üçün evdən pul götürmürsünüz? – Mənə pul lazım deyildir, ancaq bilmirəm Ninanın aylıq iki yüz tümən məsarifi göndərilirmi? – Hərgah göndərilməmişsə göndərmək lazımdır. – Əfv edərsiniz. Sizin sözünüzdən çıxmışam! – Necə yəni sözümdən çıxmışsınız? – Çünki xanıma ayda beş yüz tümən göndəririk. Böyük şeylər üçün də əlahiddə pul verirəm. Qoy deməsin ki, İran inqilabçıları xəsisdir. O mənim sözümə inanmırdı, bir daha sual verdi: – Doğrudan da, Amerika ticarət müəssisələrinə gedimmi? -Yalnız Amerika deyil, Təbrizdə olan bütün ticarət müəssisələrinin yanına baş vur, nə qədər lazımlı mallar varsa başını bağla. O mənə inandı, durub əlimi sıxdı və dodaqlarımdan öpdü. Onunla hücrədən birlikdə çıxdıq. O, ticarət kontorlarına, mənsə Ninanın evinə gəldim, çünki o, Mahmud xanın qorxusundan küçəyə çıxa bilmirdi, konsulxanadakı vəzifəsinə də getməyəcək idi. Qapını vurdum, bir qədər gözlədikdən sonra ayaq səsindən tanıdığım Məcid gəldi, qapının dalısında durub soruşdu: – Kimsən? – Oğlum, mənəm, aç qapını, – dedim. Qapını açdı. Əlini əlimə alaraq yuxarı çıxdım. Ninanın halı çox pozğundu. Onun kefini sordum, nəyə ehtiyacı olduğunu xəbər aldım. O, titrək səslə dedi: – Sən ehtiyatlı ol! Mahmud xan səni məhv edəcəkdir. O səni təqib edir, bura gəldiyini görən kimi səni öldürəcəkdir. O, mavi gözlərini mənim ağzıma diriyərək cavab gözləyirdi. Mən: – Baxarıq, kim kimi məhv edəcəkdir, – dedim, – biz ondan çox qüvvətli feodalları, Rəhimxanları, Şucanizamları məğlub etdik, onu da məğlub edəcəyik! Nina yenə də ağladı. O bu günlər inqilabçıya yaraşmayan bir şaşqınlıq göstərirdi. – Mən özümü zəhərləyəcəyəm, sən də buradan get! – Nə mən gedəcəyəm, nə də sən ölməlisənl Hərgah sən konsulun və Mahmud xanın iradəsinə razı deyilsənsə, bütün dediklərinə sükutla cavab ver! Qorxma, bütün çətinliklərin içərisindən qalibiyyətlə çıxacayıq. kokokk Bu gün heç bir yerə getməmişdim, çünki sərdar Rəşid mənim görüşümə gələcəkdi. Axşam üçün müxtəsər hazırlıq düzəltmək lazım idi. Mən bu hazırlığı Məşədi Kazım ağaya tapşırmışdım. O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı. Axşam saat beşdə Məşədi Kazım ağa işindən məlumat vermək üçün mənim yanıma gəldi, bütün işlərin hazır olduğunu və bir qüsur qalmadığını xəbər verdi. Mən ondan soruşdum: – Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır? – Onların nə qədər dəyərli şeyləri varsa 25 faiz nəqd, 75 faiz on bir ay vədə ilə alıb bitirdim və gətirib anbarlara yığdım. – Sabah səhər tezdən Almaniya, Avstriya müəssisələrinə soxularsınız. Müharibə başlanır, daha İrana nə alman, nə də Avstriya malları buraxılacaqdır. Məşədi Kazım ağa İranın ayaq altında əziləcəyini, məmləkətin cahangirlər üçün hərb səhnəsinə dönəcəyini və bundan kəndlilərə dəyən zərərləri nəzərə almayaraq müharibəni səbirsiz bir surətdə gözləyirdi. O da başqa tacirlər kimi müharibəni yalnız şəxsi istifadəsi üçün alqışlamaqda idi. O, hər söz başında əllərini bir-birinə çalaraq: – Görək inqilab bizə nə verəcəkdir? – deyə danışırdı. Mən isə ona daima belə cavab verirdim: – İnqilab sizə milyonlar verdi, siz də inqilaba hərtərəfli yardım göstərməlisiniz, – deyərkən o: – Malım da, canım da, inqilaba qurbandır, – deyə cavab verirdi. – Öl deyir, ölüm: qal deyirsə, qalım, daha nə buyurarsınız? Saat 7-də qapımızda iki fayton dayandı. Gələnlər sərdar Rəşid və mühafizəçiləri idi. Sərdar özü mən oturduğum otağa, xidmətçi və mühafizəçiləri isə başqa otağa qəbul olundu. Rəsm və təarifdən sonra ona qəlyan gətirdilər. O mənimlə ikilikdə danışmağı rica elədi və sözünü belə başlayıb qəmginliklə dedi: – Bizim başımıza gələn fəlakət çox böyükdür, xanımın məndən bixəbər çıxıb getməsinə heç bir məna verə bilmirəm. İndiyə qədər bir kərə də olsa xanım öz həyatından narazılıq göstərməmişdi. Hərgah sizin cənabınıza bu barədə bir söz demişdisə, ondan xəbərim yoxdur. – Mənə heç bir söz deməmişdir. Sərdar cənabları, çox yaxşı bilir ki, İraida xanımın bizim ilə əlaqəsi yaxşı deyildi, son zamanlar görüşməmişdik. – Nina xanım bu barədə məlumat verə bilməzmi? – Mən Nina ilə də görüşmürəm. Cənabınız məsələdən xəbərdarsınız. Bilirsiniz ki, Mahmud xan bizim həyatımıza mümaniət törədir və onunla evlənməyə çalışır, mənsə o barədə düşünmürəm. Hərgah qızın özünün buna razılığı varsa getsin. Mənim heç də sözüm yoxdur. Nə edə bilərəm? Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı: – Ağa, sizin başınıza and içirəm, hərgah o qız Mahmud xana getsə sizin bir xoşbəxtliyinizdəndir, filvaqe bu millətin bizə ürəyi qızmır. Həqiqətdə də belədir. Onlar müsəlman dinini də yalandan qəbul edirlər. Əslinə baxsan onlar kəlməyi şəhadətini də yalandan deyirmişlər. Mən o Allahın bəlasına gəlmişə, dinimizin bütün lazımi məsələlərini öyrətmişdim və bunun üçün evə dərs oxumuş arvad gətirib saxlamışdım. İraida namaz da qılırdı, oruc da tuturdu, sifati-səlbiyyə, sifatisübutiyyə, üsuldini, frudini, nə başınızı ağrıdım, hər şeyi bilirdi. Ancaq həqiqi müsəlman ola bilməyəcəyini bilirdim, çünki əşhədü ənla ilahə illəllah kəlməsini lazımınca deyə bilmirdi, dili dolaşırdı. Mən güclə özümü gülməkdən saxladım. – Bəli, dedim, – bütün işlər o kəlmənin başındadır. Bu kəlmədə, nədənsə, Ninanın da dili dolaşır, o da bunu bizim kimi deyə bilmir. Sərdar Rəşid əllərini uzadaraq tələsik bir surətdə dedi: – A bərəkallah! A bərəkallah! Belədir ki, var, o da müsəlmanlığı ürəyindən qəbul etməyibdir. Bacısı da belə idi. Ağa, siz onu bilin ki, islam dini ilə də zarafat etmək olmaz, ona xəyanətlə baxan xudavəndi-aləmin qəzəbinə giriftar olacaqdır! Cənab konsulun buyurduğuna görə o, evdən getdiyi zaman Lir para nalayiq sözlər də yazıb qoymuş, o kağız da cənabınızda imiş. Hər halda o cürə kağızlar bizim ailəmizin namus və şərəfini ləkələyə bilər. – O barədə düşünməyə lüzum yoxdur, çünki mən özüm məktubu Ninadan alıb yandırdım. Oradakı sözləri bir mən, bir Nina, bir də cənab general bilir. – Zatına, namusuna, qeyrətinə əhsən!.. – O, şad bir üzlə dedi. - Mən sizin nəcabətinizi çoxdan bilirəm. Onun üçün də Mahmud xan məsələsi çıxan gündən bəri, mən başqa bir fikrə düşmüşdüm. Hərgah cənabınız razı olsaydınız, bizim ailəmizə daxil olardınız. Zənn edirəm ki, Mahru xanım da Ninadan geri qalası qız deyil, gözəl və namuslu bir qızdır. – Orasında heç bir söz ola bilməz. Ancaq Mahrunun məsələsini başqa cür həll etmək istəyirdik. Onu mənim qardaşım sevir. Mahru xanımın özünün də etirazı yox imiş. Sərdar Rəşid bir az düşündü, onun bu sözündən razı qalmadığı bəlli idi. Lakin o, saxtakarlıqla gülüb: – Nəhayət, bu da bir səadətdir, – dedi, – yenə də cənabınızla bir yaxınlıqdır. Hərgah Mahru razıdır, bizim nə sözümüz ola bilər. Lakin rica edirəm ki, o məktub haqqında bir kimsə bilməsin. Yoxsa bizim şərəfimiz zayil olar. – Əmin olunuz! Sizə dost sözü verirəm. Bu halda Tütünçüoğlu da gəldi, onu bir daha sərdar Rəşidə təqdim edərək: – Bu mənim qardaşımdı, – dedim, – namuslu, fəaliyyətli, ədəbli bir oğlandır. Sərdar Rəşid: – Bizə də bu lazımdır! – dedi. Bu söz sərdar Rəşidin razılıq verməsi demək idi. Söhbətlər bitdi. Sərdar Rəşidlə bərabər şam süfrəsi başına keçdik, şam əsnasında sərdar Rəşid Mahru məsələsində lap yumşaldı. O, Tütünçüoğlu ilə çox səmimi danışırdı. Nəhayət, mənə sual da verdi: – Cənab ağa nə işlə məşğuldur? – Ayrılmamışıq, o da ticarətlə məşğuldur. Bu sözlər sərdarı bir daha əmin etmiş oldu. Bununla da bizim Mahrunu sərdar Rəşidin pəncəsindən qurtarmaq üçün düşündüklərimiz və bu barədə qıza verdiyimiz vədələr yerinə yetməyə başladı. Gecə saat birin yarısında, sərdar bizimlə vidalaşıb getdi. Biz isə qaraçı məhəlləsinə gedərək, Hüsni xanımın evini yoxlamalı və Mahmud xan məsələsi üzərində işləməli idik. Həsənağaya gəldikdə o da amerikalı qızın dalınca gəzir və mənim tapşırığımı yerinə yetirməyə çalışırdı. * * * Mən xəstə idim. Həsənağa mənim yanımda oturub özünə tapşırılan işdən danışırdı. Miss Hannanın ətrafında hazırlanan macəra belə bir nəticə ilə bitmişdi: qızın dediyinə görə miss Hama saat dördün yarısında işdən gəlib adəti üzrə Şümşad xanımı gözləyirmiş. Şümşad xanım saat beşdə gəlir, nahar yeməyini birlikdə yeyirlər. Süfrə yığışdırılanda miss Hanna Şümşad xanıma sual verir: – İndimi gedəcəyik, yaxud rahat olduqdan sonra getməliyik? – Biz hər kəsə bənzəmirik, elə vaxt getməliyik ki, bizi küçələrdə görən olmasın. Allah eləməsin ki, atam ya anam, yainki Rəfizadə mənim falçı yanına getdiyimdən xəbər tutsun. Əvvəlcə bir az rahat olmalıyıq. Axşam saat 8-də getsək daha yaxşıdır. Orada biz çox qalmayacayıq. Saat doqquzda evə qayıdarıq. Onlar ikisi də rahat olur. Axşam saat səkkizdə yuxudan qalxırlar, bir stəkan çay içincəyə qədər saat doqquz olur. Şümşad xanım heç də tələsmir, durub öz zinətlərini üstünə taxırdı. Miss Hanna onu da təqlid eləyirdi. Hər nə qədər qiymətli şeyləri varsa özü ilə götürmək üçün ağ bir boğçanın içərisinə yığır. Onlar eşiyə çıxdıqda miss Hanna öz xidmətçisi qadını çağırıb deyir: – Mən bu şeyləri konsulxanada əmanət qoymaq üçün aparıram. Hərgah o gəlsə deyərsən ki, saat 1-də evə qayıdacağam. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış qaraçılar dərbəndində olur, burası nə qədər qorxulu olursa-olsun, miss Hanna əsla düşünmür. Çünki o öz inandığı bir adamla bərabər olduqdan sonra nədən qorxacaqdı? Təbrizin məşhur səqqalərindən Tacı qızı Züleyxanın qapısını vururlar, bir azdan sonra uzunboylu və qarabəniz bir qadın qapını açıb onları içəri buraxır. Alçaq və qaranlıq bir dəhlizdən keçib uzunsov bir otağa girirlər. Otaq bir falçının otağına bənzəsə də, orada bir zənginlik gözə çarpır. Qadın onları otağa daxil elədikdə: – Oturun, qadanız qara fikirlinin canına! – deyir. – Xoş gəlibsiniz, səfa gətiribsiniz, dərdinizi deyin. Düşməniniz varsa puç elərəm, itkiniz varsa taparam. Səfərdəkilərinizdən deyərəm. Dalınızda danışan varsa dilini kəsərəm. Sevgiliniz getmişsə qaytararam. Hər işinizlə varam, qadanızı qovaram, bəxtinizi açaram, bircə ölü diriltməyi bacarmaram. Şümşad xanım və miss Hanna qalın döşəklərin üstündə əyləşir və Şümşad xanım sözə başlayaraq: – Ay Züleyxa xala, umudumuz göydə Allaha yerdə də sənədir, ikimiz də dərdliyik. Səni deyib gəlmişik, gərək bizim bəxtimizi özümüzə qaytarasan, – dedikdə qapı vurulur, çopur Səlimə də içəri girir, çünki onun amerikalı qızdan qarət ediləcək şeylərdə hissəsi var imiş. Miss Hanna heç bir şeydən şübhələnmir, o, Şərqin bu adətindən maraqlandığı üçün qadını dinləyir və anlamadıqlarını Şümşad xanımdan soruşur. Tacı qızı Züleyxa əvvəlcə Şümşad xanımın falına baxmaq istər. Şümşad xanım bütün zinətlərini yerə döşər və Züleyxanın ağzına baxaraq durar. Züleyxa bir kərə: – Üstündə qiymətli şeylər ola bilməz! – dedikdə Şümşad xanım qulaqlarındakı sırğaları, barmağındakı üzüyü, qolbaqları və boyunbağını də çıxarıb yerə tökür. Miss Hanna da burada çox yubanmamaq üçün öz üstündəki zinətlərini yavaş-yavaş çıxarıb, bağlıda gətirdiyi qiymətli şeylərə əlavə edir. Züleyxa miss Hannaya dönərək: – Gözünə qurban olum, yeməli qız, sən də şeylərini açıb yerə döşə, onların hamısına bir yerdə dua oxuyacağam. Miss Hanna Şümşad xanımın şeylərinin yanında öz boğçasını açır və şeylərini döşəməyə başlayır. Bundan sonra Züleyxa səslənir: – Nəzirlərinizi qoyun, xalanız sizə qurban! Şümşad xanım redikülündən beş osmanlı lirəsi çıxarıb Züleyxanın sağ əlinə buraxır, miss Hanna da təqlidlə beş lirə verir. Tacı qızı Züleyxa iki əllərini yerdə döşənmiş qiymətli şeylərin üstündə gəzdirib bəzi şeylər oxuyub ağzı ilə da onları püfləyir. Bu sözlərin hər birisini deyəndən sonra bir kərə əllərini şeylərin üstündə gəzdirib Hanna və Şümşad xanımın üzünə püfləyir. – Təbriz üstü dumanlı, dağlar başı dumanlı, bir pul, iki pul, üç pul, gedən, itən, tapıl. Ağacda yaşıl alça, dibində qara xalça, kəsilsin zəhərli dil, dəyərli gözlərə mil. Badam ağacda qala, tökülsün qadabala. Açılsın bəxti qızın, qurulsun taxtı qızın! Qızlar kamına çatsın, nabatı qəndə qatsın, su gəlib arxa dolsun, qara fikir puç olsun! Kərdidə mərzə, nanə, yaman göz odda yana! Baqqalda qara kişmiş, qara ürəklərə şiş!.. Tacı qızı Züleyxanın duası çox uzun çəkir, artıq miss Hannanın ürəyi sıxılır, o nədənsə şübhələnməyə başlayır. O, buradan tez çıxmaq üçün vasitə axtarırsa mümkün olmur, çünki falçının duası qurtarmır. Saat 12-nin yarısında amerikalı qız haldan çıxmaqda ikən qapı açılır, qabaqca Rəfizadə, onun dalınca da Mahmud xan içəri girir. Rəfizadə miss Hannanı görərkən: – Gənc xanım səfa gətirmişdir, – deyir. Siz əmin olunuz ki, sizin bura gəldiyinizi və burada bizimlə bərabər bir neçə saat vaxt keçirdiyinizi kimsə bilməyəcəkdir! Miss Hanna heyrətlə onun üzünə baxaraq acı-acı deyir: – Siz nə söyləyirsiniz? Ağlınızı şaşırdınızmı? Mən sizinlə... vaxt keçirmək?.. Rəfizadə deyir: – Siz ağıllı xanımsınız, buradan getdinizmi, burada qaldınızmı, fərqi yoxdur. Siz hazırda bir qaraçının evindəsiniz. Hər kəsi inandıra bilməzsiniz ki, sizi buraya aldadıb gətirmişlər. Hərgah siz bizim təklifimizdən boyun qaçırmış olsanız, mən sabah bunu Amerika konsulxanasında söyləyəcək və sizin qaraçı evlərində gəzdiyinizi xəbər verəcəyəm. Ən salamat və məsləhətli yol – burada bir neçə saat vaxt keçirməkdir. Hərgah siz buna razılıq versəniz burada qeyb edə biləcəyiniz bu qıymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! Miss Hanna daha heç bir söz danışmır, dönüb Şümşad xanımın üzünə baxır. Şümşad xanım isə ona nəsihətverici bir cavab söyləmir. Ancaq bir kərə: – Əlacımız nədir? Bir neçə saat burada oturmaq bizi öldürməz ki... – dedikdə, miss Hanna məsələnin nə yerdə olduğunu anlayır və özünü böyük təhlükənin qarşısında görür. Bu vaxt Tacı qızı Züleyxa da miss Hannanın qiymətli şeylərini toplayıb bağlayır və aparıb gizlətmək istəyir. Rəfizadə belə deyir: – Düşünmək artıqdır, vaxtı itirməyinl Bizim dostluğumuz olduqca qiymətlidir. Biz sizə söz veririk ki, bu sirri heç bir kəs bilməyəcəkdirl Siz həmişəlik öz vəzifənizdə qala biləcəksiniz. Əks halda buradan salamat qurtarmaq yoxdur və Hüsni xanım sizi buraya əbəs yerə gətirməmişdir. – Hüsni xanım kimdir? – Miss Hamna soruşar. – Mən onu tanımıram. Rəfizadə Şümşad xanımı göstərərək: – Budur, bu Hüsni xanımdır, – deyir. Miss Hanna Şümşadın üzünə təəccüb və qorxu ilə dolu bir nəzərlə baxaraq soruşar: – Siz Şümşad xanım deyilsinizmi? Hüsni xanım: – İndi artıq Hüsni xanım oldum, heç fərqi yoxdur. Onda da qadındım, indi də qadınam, qadının işi nədir? Kişi ilə qucaqlaşmaq, dodaq-dodağa qoymaq, can deyib can eşitmək. Miss Hannanın bütün umudları kəsilərsə də təslim olmamağı qərara alır. Rəfizadə və Mahmud xan isə üst paltarlarını soyunub qurtarar. Hüsni xanım isə şkafdan şərab şüşələrini və piyalələri gətirib ortalığa düzər, bir azdan sonra Şuxşəng və Pərirux xanım da gəlir, şərab süfrəsinin başına əyləşir. Birbaşa etdiyi söhbət Həsənağanı yorduğundan, o dayanıb nəfəsini dərdi. Söhbəti ən maraqlı yerində kəsib məni intizar qoymaq istəmədiyindən elə o saat sözünə davam etdi: 1 – Hələ eyşü-işrətə başlamamış mən qapını açıb bir əlimdə mauzer, o biri əlimdə dəhşətli bir bolqar bombası içəri girdim: – Tərpənməyin! – dedim, – yoxsa evi başınıza çökdürərəml Nəfəsinizi çəkdiniz məhv edəcəyəm! Hər kəs olduğu yerində quruyub qalmışdı. Mən Hüsni xanıma müraciətlə: – Qaraçı fahişəsil – dedim. Qulusultan sənə nə tapşırmışdı? Hüsni xanım titrək bir səslə cavab verdi: – Mən ona verdiyim vədimdən qaçmıram. Qız buradadır. Get xəbər ver, Qulusultan da gəlsin. – Kəs səsini! Qulusultan bu alçaqların artığına qalmamışdır, tez ayağa dur! Hüsni xanım qalxdı, mənim əmrimi gözləyib durdu. – Sən onların kəmərlərini açıb qollarını bağla! – dedim. – Yaxşı bağlarsan, görsəm ki, möhkəm bağlamırsan, bu saat səni öldürəcəyəm! Hüsni xanım əvvəlcə Rəfizadənin, sonra da Mahmud xanın qollarını möhkəmcə bağladı. Sonra mən Hüsni xanıma qışqırıb: – Bu falçının və buradakı fahişələrin də qollarını möhkəm bağla! – dedim. Tacı qızı Züleyxanın və o birilərinin də qolları bağlandı. Miss Hanna mat qalmışdı. O da öz növbəsini gözləyirdi. Mən bu dəfə ona dedim: – Ay qız, dur ayağa, bu fahişənin qollarını da sən bağla. Miss Hanna qorxaraq soruşdu: – Nə ilə bağlayım? – Get o bucaqda oturanın belindəki xəncərini çək, səni buraya gətirən fahişənin saçlarını kəs, öz saçları ilə də qollarını bağla! Miss Hanna ayağa qalxdı, lakin qorxusundan Mahmud xanın yanına gedə bilmirdi. Bir daha ona qışqırdım: – Tez ol! Sənə əmr edirəm! Qaraçı evinə gəlməkdən qorxmayan bir qız, qolu bağlanmış bir tülküdənmi qorxur? Miss Hanna Mahmud xanın xəncərini belindən çıxarıb Hüsni xanıma yaxınlaşdı. Hüsni xanım mənə yalvararaq: – Nə üçün məni naqis edirsən? – dedi, – cavan oğlansan, mən də sənin əlində, nargiləsi kimi qız da burada. Otur kefini çək! Hər nə istəyirsən vardır. Mən bu dəfə qışqırmadım, yavaşcadan dedim: – Qulusultan belə əmr etmişdir. Gərək sənin saçların kəsilsin! – Hamısını kəsmə İkisini kəs, ikisilə qolumu bağlamaq mümkündür. – Yox, hörüyünün on ikisini də kəsəcəyəm! Hörüklər bizə lazımdır. Miss Hanna Hüsni xanımın saçlarını kəsdi, dəstə ilə yerə qoydu. Mən Mahmud xan, Rəfizadə, Tacı qızı Züleyxa və sairələrinə qışqıraraq: – Uzadınız ayaqlarınızı! – deyə əmr etdim və ondan sonra Hüsni xanıma dönərək: – Götür saçlarınla bunların ayaqlarını bağla! – dedim: Hüsni xanım öz saçları ilə orada olanların ayaqlarını bağladı və titrəyə-titrəyə qarşımda durdu. Mən miss Hannaya, indi də falçının saçlarını kəsib Hüsni xanımın qollarını bağlamalısanl – deyincə, o bu əmri də yerinə yetirdi. Hüsni xanımın da qolları və ayaqları bağlandı. Mən bir əlimdə mauzer, qolların və ayaqların möhkəm bağlanıb-bağlanmamasını yoxladım. Sonra Rəfizadə və Mahmud xanın üstündəki silahları və qıymətli şeyləri çıxarıb miss Hannanın bağlamasına qoydum. Şümşad xanım da axtarıldı, yanında olan şeylərlə falçı evinə gətirdiyi zinətlər bir yerə toplandı, növbət Tacı qızı Züleyxaya yetişərkən mən soruşdum: – İndi de görüm qarət etdiyin, dəllallıq edib siğədən qazandığın, fal açıb və xalqın qızlarını satıb aldığın pullar haradadır? Hərgah sağ qalmaq xəyalın varsa, işi təxirə salma! Züleyxa cibindəki osmanlı lirələrindən başqa bir şeyi olduğunu boynuna götürmədi. Nəhayət, mən miss Hannaya: – Üzünü çevir divara, qulaqlarını tut! Bu fahişəni öldürəcəyəm! – dedikdə Züleyxa: – Öldürmə deyim! – sözləri ilə yalvardı, – o sağ tərəfdəki yorğan-döşəyi götürün, hər nə var onun dalındakı buxarının içindədir. Buxarının içərisindən balaca bir sandıqça çıxarıldı, sandıqça qızıl pul və qızıl şeylər ilə dolu idi. Onları da Hüsni xanımın zinətləri olan bağlının içinə tökdüm. Hər iş qurtardı. Mən Rəfizadəyə yaxınlaşaraq: – Qulusultanın tapşırıqlarından birisi qaldı, gərək sənin bığının bir tayını kəsək! – dedim. O ağladı və: 200. – Qələt etmişəm, atam Rəfi ilə, anlamamışam, məni rüsvayicahan eləmə. Mən daha adam üzünə çıxa bilmərəm, – deyə yalvardı. Məndən razılıq cavabı almadıqdan sonra miss Hannaya yalvardı: – Mənə rəhmin gəlsin, balaca xanım, sənin sözünü eşidər, qoy mənim bığımı kəsməsin! Miss Hama heç bir söz deyə bilməzdi, çünki öz müqəddəratından da əmin deyildi, başına nə gələcəyini bilmirdi. Mən bıçağı çıxarıb Rəfizadəyə yanaşaraq: – Tərpənmə, - dedim, – yoxsa dodağını da kəsərəm. Rəfizadənin bığının bir tayını kəsəndən sonra ona: – Hərgah Təbrizdə bir gecədən artıq qalsan bığının o biri tayını da dodağınla bərabər kəsəcəyəm! – dedim və Mahmud xanın yanına keçərək onun sifətinə bir yaxşı şillə çəkib dedim: – İndi sən yəqin et ki, Təbrizdə Mahmud xandan başqa da oğlanlar vardır, get dua elə Qulusultana, yoxsa səni köpəyi öldürən kimi buradaca öldürərdim, heyif ki, o bunu tapşırmamışdırl Bunu deyərək Mahmud xanın və Rəfizadənin silahı ilə bərabər hər bir şeyini aldım və amerikalı qıza müraciətlə: – Dur düş qabağıma! – dedim. – Hara? – O sənin işin deyil! Səsini çıxardınmı, məhv olacaqsan. Zinətlər, pullar, silahlar ilə doldurulmuş bağlını əlimə alaraq miss Hanna ilə bərabər çıxmaq istədikdə onlara dönüb: – Hərgah bu barədə bir yerdə söhbət açılarsa, mən sizinlə ikinci kərə görüşməyə məcbur olacağam! – dedim. Həyətə çıxdıq, qapını daldan bağladıq, onları içəridə buraxıb getdik. Küçəyə çıxan zaman miss Hanna titrək və yavaş bir səslə: – Mənə rəhm elə. Məni Qulusultanın yanına aparma. Sən qəhrəman bir oğlansan. Aciz bir qıza mərhəmət elə! – deyir və öz sözlərini yarı türk-yarı farsca olaraq mənə qandırmaq istəyirdi. Mən bütün bu sözlərə cavabla: – Danışma, hara gedirəmsə gəl! – deyirdim. Getdiyimiz yol miss Hannaya tanış yol idi. Beş saat bundan əqdəm Tacı qızı Züleyxanın evinə həmin yol ilə gəlmişdi. Bu yol onun öz yaşadığı küçəyə gedirdi. Miss Hama sevinirdi. O, itirdiyi zinətləri unutmuşdu, oradakı şərəfsizlikdən qurtarması və namusunun müdafiə olunması onun yadından hər şeyi çıxarmışdı. Miss Hanna öz qapısının yanında durdu: – Gir içəri, – dedim, – bu hadisəni bir kimsəyə söyləmiş olsan, səni məhv edəcəyəm! Sən bilirsən ki, mənim üzümə qapı bağlanmaz. Sabah gecə gəlib səni yerbəyer edərəm. Təbrizdə bir parça sümüyünü də tapmazlar. Həsənağanın sözü qurtardı. O, üzümə baxır, ondan razı qalıbqalmadığımı bilmək istəyirdi. Başımın hərəkətləri, gülümsəməm onu bir cəhətdən arxayın etmiş olmalı idi ki, o gətirdiyi bağlını açdı. Amerikalı qızın şeylərini bir tərəfə ayırdıqdan sonra qalan şeylər haqqında dedi: – Bunlar da qaraçılardan soyduğum qızıllardır. Bu da bizim Təbrizdən qaçan yoldaşların cib xərcliyi. ək Səhər saat yeddi olmamışdı. Təhminə xanım içəri girdi. O, çox qəmli və kədərli bir xəbər gətirmişdi. Dünən axşam general-konsulun arvadı Mahmud xanın Ninaya göndərdiyi üzüyü və hədiyyələri öz faytonuna qoyub gətirmiş imiş. Konsulxana Ninaya ərə getmək işlərini bitirmək üçün birhəftəlik istirahət ixtiyarı da vermişdi. Mən soruşdum: – Gətirilən hədiyyələri və üzüyü Nina qəbul etdimi? – O, heç bir söz danışmadı, lakin konsulun arvadı şeyləri orada buraxıb getdi. Nina özünü öldürmək istəyir. Məcid haqqında mənə çox vəsiyyətlər verir. Bir çarə lazımdır, qız tələf olacaq. Mən: – Sən get ona mənim dilimdən xəbər ver, o evdən dışarı çıxmasın, evə də kimsəni buraxmasın, konsulxanaya da getməsin. İşlərin hamısı düzələcəkdir. Biz hələlik diriyik, – deyə Təhminə xanımı yola saldım getdi. Məni fikir başına almışdı, mən bir çox hadisə girdabları içərisində qalmışdım. Hələ mənə saxta hörmət bəsləyən və Ninanı qızım kimi sevirəm deyən çar konsulunun həyasızlığı, Ninanı Mahmud xan kimi bir alçağa satmaq istədiyi də, məni həddindən artıq əsəbiləşdirmişdi. Mən bu əzici təsirlər altında, səhər dilimə bir şey vurmadan, evdən dışarı çıxdım. Qapıdan o qədər də uzaqlaşmamışdım, miss Hamanın yanında xidmət edən türk uşağının sürətlə gəldiyini gördüm. O mənə bir məktub uzatdı. Məktubu miss Hanna yazmamışdı. Xidmətçi qadın: “Kiçik xanıma bir bədbəxtlik üz vermişdir? məzmununda, qısaca bir şey yazmışdı. Mən məsələni bildiyimdən maraqlanmadım, lakin indi mən Mahmud xan məsələsini amerikalı qızın məsələsi ilə bir yerə qarışdırmaq və bir yerdə həll etmək tədbirlərinin nə qədər qorxulu olduğunu dərk etməyə başlayırdım. Çünki bu məsələdəki müvəffəqiyyətsizlik amerikalı qızın namusunun bərbad olması ilə nəticələnəcək idi. İndi artıq düşünmək gec idi. Qızın evinə gəlincəyə qədər başımdan minlərcə fikir keçdi. Xidmətçi qadın məni görüb ağladı, yenə də məktubda yazdığını təkrar etdi: – Kiçik xanıma bədbəxtlik üz vermişdir. Mən onun yatdığı otağa girdim. Onun rəngi də səhhətinin pozu!duğunu göstərirdi. Həkim gətirilib-gətirilmədiyini sual etdikdə, xidmətçi qadın: – Kiçik xanım həkim çağrılmasına razı olmadı, – deyə cavab verdi. Mən stulu onun çarpayısının yanında qoyub oturdum. Onun alnına ağ dəsmal isladıb qoymuşdular. Oturub baxırdım, onun yanaqlarında ağ yer yox idi. Üzü hərarətin şiddətindən tamamilə qızarmışdı, Mən bir neçə kərə bu qızın halına acımışdım, ona yazığım gəlmişdi. O zamanları bir-bir xatırlayırdım: lakin heç vaxt qızın halını belə pozğun görməmişdim. Onun başlıca səbəbi isə mən idim. Buna görə də özümü əfv edə bilmirdim və özümə sual verirdim: «Əcəba, mən öz sevdiyim bir qızın müdafiəsi üçün məni ürəkdən sevən bir amerikalı qızı fəda etməyə haqlımıyam? Bunun təqsiri nə idi? Əcəba, bunun bizə verdiyi yardımların mükafatı bu idimi? Vlahmud xanı cəzalandırmaq üçün bu aciz qızı nə üçün vasitə etmişəm? Bu qızların ikisi də ürəklərində eyni sevgini daşımırmı?? Bu kimi suallar içində xeyli zaman çapaladım, nəhayət, €Yox! – dedim, – bunların ikisinin arasında fərq çoxdur. Bunlardan Nina, nqilaba sevginin təhriki ilə yox, şüurla, can və başla, əqidəsinin əşviqi ilə xidmət edir, miss Hanna isə...) Əlimi onun alnına qoydum. O, gözlərini açdı və məni görən imi ağladı: – Məni əfv et, mən hərəkətimi səndən gizlətdiyim üçün cəzalandım. Miss Hanna başına gələn hadisəni əvvəlindən axırına qədər nənə danışdı və Həsənağa haqqında söz açaraq: – O mənim bütün zinətlərimi aparsa da, məni həqarətdən və amussuzluqdan da qurtardı. Onun qəhrəmanlığı məndə unudulmaz ir təsir buraxdı. O nə qədər qorxmaz və sarsılmaz bir gənc idi. Bir əfər olduğuna baxmayaraq, bir ev dolusu adamı təslim etdirdi. O, Qulusultanın nökəridir. Bütün bu işləri o buyurduğuna görə edirmiş. Hərgah bir gün məni aparmaq üçün əmr edərsə, şübhəsizdir ki, onun qarşısına heç bir qüvvət dura bilməz. Ah, dünən gecə nə qədər qorxulu bir gecə idil İndi mən dəhşətli bir hadisənin ikinci qəhrəmanıyam. Mən öz həyat tariximi yalnız bu hadisələrlə canlandıracağam. Hələ indi də Rəfizadənin bığı kəsiləndən sonra aldığı vəziyyəti xatırlayırkən bədənim titrəyir. Lakin yenə də qorxuram, nəhayət, Rəfizadə bütün məsələni amerika konsulxanasında söyləyəcək və məni məhv eləyəcəkdir. Mən ona ürək verərək dedim: – Sən əmin ol! Rəfizadə Təbrizdə qalmayacaq və konsulxanaya belə ayaq basa bilməyəcəkdir. Burada adətdir, bığı kəsilən bir adam xalq içinə çıxa bilməz, labüddən gizlənməli və şəhərdən çıxmalıdır. Səni Qulusultanın apartdırmasına gəldikdə, o barədə düşünmə! Hərgah bir belə təşəbbüs olsaydı, oğlan səni öz evinə qədər müşayiət eləməzdi. Lakin o sənə hər nə ki, tapşırmışsa, sən ona da əməl etməlisən. Məsələ haqqında heç bir kəsə danışma, bu sənin özün üçün də məsləhətdir. İndi sən bilməlisən ki, Təbriz olduqca dumanlı və əsrarəngiz bir şəhərdir. Sən indi təsdiq edə bilərsən ki, Şərqin «Min bir gecə» hekayələri həyatdan alınmış materiallar üzərində düzəldilmişdir, buradakı həyat fantaziyalarla yox, həqiqətlərlə doludur. Mən çox arzu edərdim ki, sən həyatı oxuduğun kitablar və elmlər üzərində deyil, eyni zamanda yaşadığın mühitin şərait və təcrübəsi üzərində qurmağa çalışaydın. Gözəl qız: elmli olmaq asandır, amma təcrübəli olmaq çox çətindir. Təcrübəli insan elmsiz də yaşaya bilər. Lakin təcrübəsiz alim nə özü yaşaya bilər, nə də başqasına həyat verməyi bacarar. Falçılıq, cadugərlik, eyni zamanda müqəddəslərə sığınmaq, mübarizədən aciz qalanlar və təbiətin hadisələri ilə mübarizə apara bilməyənlərin istinad etdiyi bir vasitədir. Sən mədəni bir qız olduğun halda belə ibtidai vasitələrə əl atmamalı idin. Qiymətli şeylərin əldən getdiyinə gəldikdə onlardan daha qıymətlisini əldə etmək mümkündür. Namus və şərəfin toxunulmamış qalmışdırsa hər şeydən artıqdır. Onu uzun söhbətlərlə məşğul etdim, nəhayət, o güldü, özünün təsadüf etdiyi dəhşətləri unutdu. Süd içdi, özünü tamamilə rahat hiss etməyə başladığını görüncə, vidalaşıb getdim. * * * Hacı Səməd xanın sağ əli və sol əli Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi. Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi. Bunların çarpışması nəticəsində ikisindən birisi tələf olacaq, digəri isə həbsə alınacaq idi. Buna baxmayaraq, Tütünçüoğlu da öz hazırlığını görərək, səhərdən bəri Mahmud xanı təqib edirdi. Tütünçüoğlunun mənə verdiyi məlumata görə o gündüz saat ikidə Sürxab məhəlləsində bulunduğu vaxt Mahmud xanın bir nökəri ilə bərabər Nizamüddövlə bağına getdiyini görüb onu təqibə başlar. Fayton bağın qapısında uzun zaman durur, qapı bağlı imiş, qapıçı heç bir kimsəni içəri buraxmırmış. – Həzrət Əşrəf xəstədir, içəriyə adam buraxılmaması mənə əmr olunmuşdur, – deyir. Mahmud xan: – O əmr mənim üçün deyil, – cavabını verir, qapıçı yenə də: – Ağa, sənin başına dönüm, mən nəçiyəm ki, mən sənin əskik bir itin yerindəyəm. Mənə belə əmr ediblər. – Bu əmri sənə hansı köpəkoğlu verib? Sənə hansı zənqəhbə tapşırıb?.. – Sarı Ağabala xan. – Get onu bura çağır. Qapıçı özü getmir, yanındakılardan birisinə: – Get onu bura çağır. Mən nə köpəkoğluyam ki, Mahmud xan kimi bir adamın üzünə qapı bağlayam. Zəhər olsun bu məmuriyyət, adamı hörmətli ağaların yanında xəcalət qoyur, – deyər. Sarı Ağabala xan gəlib Mahmud xana təzim edər. Mahmud xan acıqlı bir surətdə onu sual verər: – Balam, nə olubdur ki, səhərdən bəri bu qapını xalqın üzünə oağlamısınız? Sarı Ağabala xan çox ehtiyatla cavab verər: – Əlbəttə, qapının bağlanması sizin üçün deyildir, ümumi bir şdir, çünki həzrət Əşrəf özünü xeyli narahat hiss edir, həkimlərdən aşqa heç bir kəsi evə buraxmamağı özü şəxsən əmr buyurmuşdur. – Qulusultan bura gəlmişdimi? Bəli, cənab Mahmud xan, gəlmişdi. – Həzrət Əşrəf onu yanına qəbul etdi, ya yox? – Bəli, qəbul etdi, çünki vacib bir işdən ötrü gəlmişdi. Məktub yazıb verdi. Həzrət Əşrəf məktubu oxuyandan sonra onu hüzuruna qəbul elədi. Hərgah vacib işiniz vardırsa, siz də məktub yazın. Mən də həzrət Əşrəfə xəbər verərəm. – Lazım deyil, Qulusultan kimi biqeyrət içəri girən qapıdan Mahmud xan kimi namuslu adamların girməsi ayıbdır. Çox yaxşı, qoy belə olsun! Mahmud xan bunu dedikdən sonra faytona oturub faytonçuya qışqıraraq: – Sür Sona bacının meyxanasınal – deyər. Tütünçüoğlu da onu təqib edər, bir neçə saat Sona bacının meyxanası qarşısında durub Mahmud xanın buradan çıxmasını gözləyər. Nəhayət, o, kefli halda meyxanadan çıxıb faytona əyləşər və yenə də faytonçuya: – Sür, yaxşı sür, haman urus qızının qapısına, – deyər. Faytonçu hansı rus qızını dediyini anlamadığından: – Hansı urus qızının qapısına buyurursunuz? – deyib soruşar. – Sür, sür hamam qapıya. Sarısaçlı qızın, konsulxanadakı qızın qapısına. Faytonçu: – Bəli ağa, bildim, – deyə faytonu sürətlə sürər. Tütünçüoğlu da Balaqurbanın faytonuna əyləşib onu təqib edər. Balaqurban vaxt ikən təlimat almışdı, lazım gəldiyi vaxt Tütünçüoğluna silahla da yardım göstərəcək və onu aradan çıxaracaq idi. Mahmud xan bərk sərxoş olduğu halda gah: – Gədə, tiftək, yavaş sür! – deyib faytonu yavaşıdır, sonra da faytonçuya acıqlanıb sürətlə sürməsini tələb edirmiş... Nədənsə faytonçu onu tünnük küçələrlə deyil, dolanbac, boş küçələrlə aparır ki, bununla da yolun uzaqlaşmasına səbəb olur. Mahmud xan Bina təxəllüslü şairin Ninaya yazdığı şeiri çıxarıb kağız üzərində oxuyurmuş: Ey doxtəri-rus, can bərto məxsus Rəhmi nədari, əfsus, əfsus. Təbrizyanra, qurbani ru kon, Əz xuni-aşiq, cana vizo kon, Bər kuyət ayəm, cizi nədarən Təbrizyanra, qurban bərarən..." Fayton Ninanın qapısında dayanır. Mahmud xan mızıldayamızıldaya fontondan düşüb Ninanın qapısına yanaşır və öz qapısı kimi döyməyə başlayır. Bu vaxt Tütünçüoğlu təbii halından çıxır və mauzeri çıxarıb Mahmud xanla hasablaşmaq xəyalına düşür. Balaqurban ayıqlıqla: – Əsəd, bizə bu icazə verilməmişdir. Əlini saxla, – dedikdə, Tütünçüoğlu yerində oturur və: – Eybi yoxdur, qoy gecəyə qalsın, – deyərək əlini mauzerdən çəkir. Təhminə xanım qapının dalından: – Qapı döyən kimdir? – dedikdə Mahmud xan cavab verir: – Özgəsi deyil, özüməm, Mahmud xandır! Hacı Şücaüddövlənin əmisi oğlu. – Hər kəs olursa-olsun, qapını aça bilmərəm, xanım xəstədir, – deyir. – Mənim dilimcə xanımın kefini soruşur, – deyərək Mahmud xan dönüb faytona oturur. Tütünçüoğlu Mahmud xanı evinə qədər təqib edər, lakin qapıdan o qədər də uzaqlaşmaz, yenə də onun dışarı çıxmasının intizarında olur. Balaqurban isə atları yemləmək üçün evə qayıdır. İntizar gecə saat ona qədər davam edir. Nədənsə bu gecə Mahmud xan çox təxirlə dişarı çıxır. Bu gecə Mahmud xan özü ilə bərabər üç nəfər də silahlı nökər götürür. Halbuki o, bəzən bir nəfər götürmədən belə faytona oturub şəhərə çıxardı. Tütünçüoğlunun işi qismən çətinləşir. 3, Mahmud xanı vura bilsə belə, üç nəfər silahlı nökərin əlindən ”axasını qurtara bilməyəcəkdi. O, ya öləcək, yainki tutulacaqdı. Bunarın hər iki qorxulu idi, çünki Tütünçüoğlunun mənimlə əlaqədar olluğunu həm sərdar Rəşid, həm də Hacı Səməd xan çox gözəlcəsinə ilirdi. Onun tutulması bütün sirlərin üzərindəki pərdəni yırtacaq idi. Buna baxmayaraq, Tütünçüoğlu ruhdan düşmür. O, cibindəki iki içik bombanın vasitəsilə qurtaracağına əmin olur. Təbrizin dar iöngələrində bomba ataraq gizlənmək ümidləri Tütünçüoğlunun uhdan düşməməsinə səbəb olur. O, gah irəli keçir, gah da geridə qalaraq Mahmud xanı təqib edir, əlverişli bir mövqe tutmaq üçün onları izləməkdə olur. Onları Səfi bazarçasına qədər təqib edər. Bura ən əlverişli bir yermiş. Tütünçüoğlu özünü divarın tini dalına verərək, bombanı çıxardır, əlini qaldırıb atmaq istərkən qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür, bombanı cibinə ötürür və hər bir ehtimala qarşı özünü ələ verməmək üçün geri qayıdır. Bir az keçmədən Mahmud xanın səsi eşidilir: – Qurumsaq, silahını çıxar, qoy camaat deməsin ki, Mahmud xan Qulusultanı qəfildən vurdu. Alçaq , tülküdən qorxaq biqeyrət. Təbriz bu gecədən etibarən, ya mənə qalmalıdır, yainki Qulusultana. Çıxar silahını, qəhbə! Bu sözdən sonra yalnız qurşun səsləri eşidilir. Tütünçüoğlu üstündəki silahlarını onsuz da çox yaxında olan evinə qoyub hadisə məhlinə qayıtdıqda Səfi bazarçasına hər tərəfdən yüzlərcə adam toplanıb cürbəcür sözlər danışırmış. Darğa Həsən əmi və onun darğa şəyirdləri hər tərəfdən üz tutub hadisə yerinə yüyürməkdə imiş. Qulusultanla Mahmud xanın meyidlərini isə nərdivan üstünə qoyub evlərinə apardıqda, camaat bunların haqqında belə deyirmiş: – Bunların bir Səməd xanın sağ əli, o biri sol əli idi. – Bunları inqilabçılar vurdu! – Kişi, əl çəkmirlər dəl – Səməd xanın beli büküldü! Rus kazakları hadisə məhəllinə gəlincəyə qədər camaatın danişıqları davam edirmiş. * * * Hacı Səməd şah? Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi. Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir. Sazonov öz gizli məktubunda, İngiltərə ilə Rusiya arasında bağlanmış 1907-ci il müqavilənaməsinə yenidən baxılması lüzumunu göstərdikdən sonra İranda aparılmaqda olan çar siyasətindən bəhs edərək yazır: Şübhəsizdir ki, biz İran məsələsində ingilislərdən bir çox istifadələrdə buluna bilərik. Məsələn, ingilislər bizim İran Azərbaycanını tamamilə İrandan ayırmaq, Gilan, Mazandaran və Astarabad tərəflərini əlavə etməklə muxtar bir məmləkət halına gətirmək və Səməd xanı ömürlük olaraq bu hökumətin başına qoymaq siyasətimizə maneçilik törətməmək üçün bizə söz verə bilərdilərə. Sazonovun bu məktubu Rusiya səfiri Korostovsev və Təbriz konsuu Örlovun kəlməbaşı: dBiz İranın daxili işlərinə müdaxilə etmir və onun stiqlaliyyətinin müdafiəçisiyikə sözlərinin mənasını aydınlaşdırırdı. Sonra Sazonov London səfirinə yazdığı məktubunda €Transversə) dəmiryolu imtiyazını İrandan almaq üçün İngiltərənin razılığını ildə etmək və İranda olan kazak briqadasını miqdarca qüvvətləndirnək tələbində bulunmağı təklif edirdi. Lakin Sazonov kimi onun Azərbaycan muxtar ölkəsi başına qoacağı Hacı Səməd xan da, öz düşüncələrinin səmərəsiz və nəticəsiz alacağını anlamamış deyildi. Mart ayının 7-də, yəni Sazonov London səfirinə məktub yazanan iki gün sonra Rusiyanın London səfiri Bekendorfun Sazonova öndərdiyi 62 nömrəli teleqramında İngiltərə xariciyyə naziri Qrey ə olan müsahibəsini yazırdı: €Qrey həyəcanla Azərbaycanda olan hadisələri mənə danışdı. Şücaüddövlənin istefası və onun mərkəzdən tamamilə ayrılmaq üçün Rusiyaya müraciət etmək istədiyini dedi. Mənsə bu barədə Qreyə: – Bu işdən heç də xəbərim yoxdur! – dediməp. Nəhayət, İngiltərə ilə Rusiya arasında mövcud olan ixtilaf İran hökumətinin Rusiya hökumətinə verdiyi 9 mart notasına yol açdı. Bu gün axşam saat doqquzda Nina konsulxanadan əldə etdiyi İran müxtirəsinin surətini gətirdi. İran xariciyyə nazirinin Rusiyanın Tehran səfiri Korostovsevə verdiyi notasında kazak briqadası məsələsindən bəhs edərək yazırdı: «Açıq demək lazımdır ki, kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxartdı. İran hökuməti daim kazak briqadasına bir vəzifə həvalə etdikdə o, yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. Kazak briqadası smeta üzrə aldığı paraların da lazımi idarəyə haqq-hesabını verməkdən boyun qaçıraraq, nəzarəti rədd etməkdədir. Bütün yuxarıdan bəri söylənənləri və İranın maliyyə zəifliyini nəzərə alaraq İran hökuməti heç bir vəchlə kazak briqadasının sayca artırılmasına razı ola bilməzə. Bundan sonra İran müxtərisində 1907-ci il müqavilənaməsi əleyhinə olaraq Rusiyanın, İran istiqlaliyyətini pozduğu dəxi qeyd edilirdi. Tütünçüoğlu, Həsənağa, Təhminə xanımın qızları Sənubər və Töhfə xanımlar, Ninanın siyasi dərnəyində iştirak edən daha bir neçələri, bizim Nina ilə bu söhbətimizi dinləyirdi. Əvvəlcə Nina sual verdi: – Doğrudanmı İngiltərə ilə Rusiya arasında mövcud olan 1907-ci il müqavilənaməsi İranın istiqlaliyyətini təmin edir? İkinci sualı Həsənağa verdi: – İngiltərə ilə Rusiya arasındakı ixtilafın səbəbi nədir? Üçüncü sualı Sənubər xanım verərək: – Əcəba, İranda İngiltərə və Rusiyadan başqa ayrı dövlətlərin mənafeyi yoxdurmu? - dedi. Mən gülərək dedim: – Demək ki, bu gecə sizin siyasi dərəyiniz məni siyasi savaddan imtahan edir. Nina: – Bəli, belədi ki, var, – dedi, – sənin xasiyyətindir, daim bir sual verdikdə, boyun qaçırmaq istərsən. Lakin indi boyun qaçıra bilməzsən, çünki 1907-ci il müqavilənaməsini öyrənmək üçün burada oturanların hamısı maraqlanır. Suallara cavab verməyincə, səni buradan buraxası deyilik. Mən: – Çox gözəl, – dedim, – sualların hamısı biri digəri ilə əlaqədardır. Hamısına bir yerdə cavab verəcəyəm. XX əsrin başlanğıcında, beynəlxalq vəziyyət, Rusiya ilə İngiltərə arasında mövcud olan bir çox ixtilaflı məsələlərin həll edilməsilə bərabər, İran məsələsinin də həll edilməsini irəli sürürdü. Bir ildən çox çəkmiş olan müzakirələr nəticəsində, nəhayət, 1907-ci il 31 avqustda İngiltərə ilə Rusiya arasında İran məsələlərinə dair saziş yarandı. Bu müqavilənamə ilə yalnız İran məsələləri deyil, eyni zamanda Tibet və Əfqanıstan məsələlərində də mövcud olan ixtilaflı cəhətlər həll edilmiş olurdu. Müqavilənamənin İrana aid giriş cümlələrində Böyük Britanıya kimi Rusiya dövləti də təntənəli sözlərlə İran istiqlaliyyətinə hörmət bəsləyəcəyini öhdəsinə götürürdü. Yuxarıda göstərilən bu təntənəli və gurultulu cümlələrə baxmayaraq, müqavilənamənin bütün maddələri, İranın istiqlaliyyətini təmin etmək deyil, əksinə, İranın bu iki hökumət arasında təqsim olunduğunu və ölkənin müstəmləkə halına düşdüyünü isbat edirdi. 1907-ci il 31 avqust müqavilənaməsilə İran üç hissəyə, daha doğrusu, iki nüfuz məntəqəsinə ayrıldı. Şimal-şərq tərəfləri Rusiyanın, cənub ölkələri isə İngiltərənin siyasi və iqtisadi nüfuz mənəqəsi oldu. Bu iki hökumətdən biri o birinin nüfuz məntəqəsində yeç bir imtiyaz götürmək və yaxud siyasi bir təşəbbüsdə bulunmaq əlahiyyətinə malik deyildir. Cənubla şimal arasında olan mərkəzi vilayətlər isə bitərəf adanır ki, İranın bu üçüncü hissəsi dəxi İran hökumətinin müstəqil öləsi sayılmaq imkanına malik deyildir. Bu bitərəf məntəqədə, yəni nərkəzi vilayətlərdə, müqavilənamə bağlamış iki hökumətdən biri mtiyaz götürmək, yainki siyasi müdaxilədə bulunmaq istərsə, o biinin razılığını əldə etməyə məcburdur. Bir sözlə, bu müqavilə İran məsələsində sazişə girmiş olan İniltərə və Rusiya hökumətlərinin nüfuz məntəqələrində müstəmkə planlarını həyata keçirmək üçün meydana çıxan bütün ixtilafları həll etmişdi, çünki bu bağlaşma onlardan hər birisinə azad və maneəsiz qarət etmək, İrandan öz payını götürmək imkanını vermişdi. Bitərəf məntəqəyə gəldikdə, müqavilə bağlamış hər iki dövlət, burada müştərək qarət və müştərək istifadə səlahiyyətinə malikdir. 1907-ci il müqavilənaməsi Rusiya və İngiltərə kapitalistlərinin boynuna qəti bir məcburiyyət də qoymuşdur, onlar hər nə cür olur-olsun İranda baş qaldıran inqilab hərəkatını boğmalı idilər. Gördüyünüz kimi, İngiltərə və Rusiya hökumətləri bağlaşmaya sadiq qalaraq İran demokratlarının inqilabını qan selləri içərisində boğmağa çalışdı və yenə də çalışmaqdadır. Rusiya ilə İngiltərə İrandakı inqilabı boğmaq işində vahid cəbhə təşkili ilə əməkdaşlıq edə bilərlər, lakin onlar mərkəzi vilayətlər, yəni bitərəf məntəqə ətrafında razılaşa bilmirlər. Bu ziddiyyətlər hazırda daha kəskindir. Hazırda Rusiya ilə İngiltərə arasındakı mübarizənin başlıca səbəblərindən birisi, cTranspersp dəmiryolunu çəkmək məsələsidir. Rusiya hökumətinin çəkmək istədiyi bu dəmiryolu İngiltərə hökumətinin həm iqtisadi, həm də siyasi mənafeyini sarsıtmış olur. İngiltərə hökumətinin fikrincə, Rusiyanın bu yolu çəkməsi, İranda hökm sürən Rusiya və İngiltərə qüvvələrinin müvazinətini pozur, eyni zamanda Hindistanı da Rusiyanın təhdidi altında qoyur. Rusiyanın bu təşəbbüsünü İngiltərə 1907-ci il sazişi əleyhinə çevrilmiş bir çıxış hesab edərək, etiraz edir. Digər tərəfdən də İngiltərə tərəfindən meydana atılan, cTranspers) dəmiryolu və bu yolun axırının Bəndərabbasla birləşməsi proyektini Rusiya hökuməti qətiyyən qəbul eləmir. Mövcud olan ixtilaflardan birisi də, ticarət işlərindəki rəqabətdir və bu rəqabət bir paralarının zənn etdiyi kimi cüzi deyildir. Bununla belə, Rusiya və İngiltərə kapitalistləri öz aralarında mövcud olan ixtilafa baxmayaraq, İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı da vahid cəbhə düzəldə bilirlər. Mən bu barədə dəxi bir çox dəlil və sübutlar gətirdikdən sonra Almaniya kapitalının İrana soxulmasından, Almaniya ilə Rusiya, İngiltərə arasında Yaxın Şərqdə böyük ixtilaflar törəyəcəyindən və bu ixtilafların da müdhiş bir müharibə ilə nəticələnəcəyindən danışaraq dedim: – Almaniya kapitalının İrana soxulması Şimali İrandakı Rusiya mənafeyini nə qədər sarsıdırsa, bir o qədər də üç ildən sonra bitəcək olan Bağdad dəmiryolu ilə İngiltərənin Şərqdə iqtisadi və siyasi mövqeyini sarsıtmış olacaqdır. Söhbətimiz olduqca uzun çəkdi. Təhminə xanımın qızları getmək istədiklərindən, 1907-ci il müqavilənaməsi söhbətinin qalanını başqa bir vaxta buraxdıq. Tütünçüoğlu və Həsənağa ilə birlikdə Nina ilə vidalaşaraq qızları da götürüb çıxdıq. * * * Diplomatların və İranın notası Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı. Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim. Amerikalı qız isə mənim onunla tez-tez görüşdüyümü məhəbbəimin şiddətinə yozurdu. Bununla belə o, Rusiya-İran və İngiltərə— İran arasında mövcud olan diplomatik xəbərlərlə maraqlandığımı da ıiss eləyirdi. Bunun üçün də o, daima mənimlə görüşdüyü zaman nəni bir xəbərlə qarşılayırdı. Bu gün səhər çayını bir yerdə içmək üçün mənim vədəmi almışi. Heç şübhə yoxdur ki, onda yeni bir xəbər olacaqdı. Mən onun evinə girdikdə, orada yalnız qızı və bir də işçi qadını ördüm. Salamlaşdıq, əlini sıxıb əyləşdim. Qız mənim qarşımda gəişir, çay stolu üzərinə bəzi şeylər gətirib qoymaq bəhanəsi ilə vmerikada tikdirdiyi yeni paltarını mənə göstərmək istəyirdi. Əlinən çıxardığı qiymətli şeyləri tamamilə unutmuş kimi idi. O, bütün hərəkəti ilə özünü bəyəndirməyə çalışırdı və onu bəəndiyimi də gözlərimdən və baxışlarımdan bilmək istəyərək tezz mənə baxırdı. – Gəl otur, gözəl Hannal Bu gün səndə bir yenilik, xüsusi bir gözəllik görürəm. Bu sözüm üzərində qız qabağımda durub məndən soruşdu: – Yeni paltarım xoşunuza gəlirmi? Mən onun vücudunu çox diqqətlə nəzərdən keçirdikdən sonra: – Hələlik sən dediyin yeni əlbisəni görə bilmirəm o haradadır? Sandıqdadırmı? Gətir, göstər baxım! – dedim. Qız təəccüblə, yeni paltarının ətəklərindən tutub mənə göstərdi: – Əynimdəki libası görmürsünüzmü? – Görsəydim niyə soruşurdum? Bəs bu yeni geyimin qolları, döşləri, arxası və çiyinləri hanı? Qız məsələni anlayaraq güldü və yanımda oturub dedi: – Bu dekoltədir. Amerikalılar indi belə paltarı sevir. De görüm bu paltarım xoşuna gəlirmi? – Şübhəsiz gəlir. Bahalı, zərif, gözəl, rəngcə də saçlarına uyğun əlbisədir. – Sən de görüm libasın yaxşılığı harasındadır? – Vücudun tənasübünü itirməməkdə və bədənə gözəllik verməsindədir. – Libasım sən dediyin kimidirmi? – Şübhəsiz! – Lakin bu libasımın məf?fi bir cəhəti də vardır ki, onu sən təyin edə bilmədin! – Mən o mənfi cəhəti görə bilmirəm. – Mənfi cəhət budur ki, bu gənclikdən uzaqlaşmağa başlamış bir qadın libasıdır. Bu görə mənim bundan xoşum gəlmir. Hesab ilə mən gənclikdən uzaqlaşmağa başlamış bir qadın libasını deyil, uşaqlıqdan gəncliyə keçən bir qız libası geyinməliyəm. Miss Hannanın bu sözləri mənə dərin bir təsir bağışladı, mənim də həyatım gənclikdən uzaqlaşırdı. – Doğrudur, gözəl Hanna, – dedim. – Mən birinci olaraq səni uşaqlıqdan gəncliyə yeni qədəm qoyan bir qız libasında görmüşdüm. Yenə də mən sənə baxanda haman libası, haman Hamanı, haman dəqiqələri xatırlayıram. Mənim bu sözlərm sanki qızı haman bəhs etdiyim anlara, haman dəqiqələrə qaytardı, o mənim əllərimdən tutaraq soruşdu: – Söylə! Söylə! Sən o libası harada görmüşdün? – Söyləyimmi? – Söylə, sən o vaxtlardan danışdıqca mən keçmişin xatirələrindən nəşələnir, indi də haman səadətli anlarda yaşadığımı hiss edirmiş kimi oluram. – Mən o libası dörd tərəfdən akasiya və nəstərən ağaclarının kölgəsində nazlanmaqda olan daş balkonun məhəccərinə söykəndiyimiz söyüd ağacının yarpaqları arasından üzümüzə düşən ayın şəfəqlərilə əyləndiyimiz zaman sənin əynində görmüşdüm. Mən o libası birinci kərə sənin gözlərinə sevimli bir qızın gözlərinə baxan kimi baxdığım zaman, o gözlərdə maraqlı bir sevgi romanının giriş cümlələrini oxuduğum anlarda görmüşdüm. Mən o libası Livarcan yaylasına məxsus axşam ruzigarının qarşısında oturduğumuz, ruzigarın üzümə sovurduğu sarı saçlardan bir qız saçının təbii və təmiz qoxularını dərin nəfəslərlə ciyərlərimə çəkdiyim zaman görmüşdüm. İndi mən yenə də haman sərin gecələri, bizi qanadları altına almış ay ziyasını, nəstərən çiçəyinin ətirlərinə qalib gələn saçların ətrini, söyüd yarpaqlarının Hannanın çöhrəsində oynayan kölgələrini, qarşımızdakı hovuzun suyunda görünən iki çöhrənin əksini xatırlayıram və yanımda haman Hannanı görürəm. Hər gün belə sözlər söyləmək mənim adətim idi. Qız belə sözlərlə maraqlanır və keçirdiyi günləri xatırlamaqla ürəyi yumşalır, ağlayır, sonradan ümumi söhbətlərə başlayırdı. Bu günlər mühüm günlər idi. İngiltərə və Rusiya hökumətləri bir ərəfdən İran işləri üzərində boğuşur, digər tərəfdən də dünya mühaibəsi üçün bir ittifaq düzəldirdi. Buna görə də başını çiynimə söyəyən bu amerikalı qızın ümumi məsələlərə tez keçməsi və yumalması üçün ona, hissinə toxunan o zamanları xatırlatmaq lazım idi. Miss Hanna xatirələrin təsirləri ilə başını mənim sinəmə sıxaraq: “Doğrudur, dedi, – mən o zaman, o səadətli əlbisəni daşıdığım nlarda, səndən təkrar-təkrar unudulmaz bir söz eşitmişdim. – Mənim təkrar-təkrar söylədiyim hansı sözlər idi? – Sən onda: cHamna, sənin iradən xaricində heç bir hərəkətdə ulunmayacağamlb demişdin və sən indi o sözləri unutmusan. Bu sözlərdən sonra onun göz yaşları yeni əlbisənin ətəklərinə külməyə başladı. Mən hissi söhbətlərin bununla bitəcəyinə və əsl əsələyə keçə biləcəyimizə əmin idim. Bununla belə ona yenə bəzi ylər demək lazım idi. – Ağlamağa lüzum yoxdur, gözəl Hanna. Mən o sözləri yenə də təkrar edirəm: sənin iradən xaricində heç bir hərəkətdə bulunmayacağam. Lakin sən bilirsən ki, hazırkı mühit insanların iradəsilə hesablaşmaz, insana öz iradəsi ilə hərəkət etmək imkanı verməz, sən özün söylə, öz iradənə hakim ola bilirsənmi? Yaşadığımız mühit və təsiri altında bulunduğumuz üsuli-idarə şəxsi iradənin azadlığına imkan verməz. Şəxsi iradə ilə yaşamaq imkanını əldə etmək üçün verilən qurbanlar isə hələlik müvəffəqiyyətli bir nəticə vermədi. Gözəl Hama, insanlara vicdan azadlığı vermək istəyən və insanların şəxsi iradəsinə yardım etmək yolunda çalışan fikirlərə yardım göstərən çox azdır. Sən də, mən də bu kimi fikirlərə yabançıyıq. Böyük kütlələrin azad həyatla yaşaması uğrunda verdikləri qurbanlara laqeydcəsinə baxmaqdayıq. Hanna başını sinəm üstündən qaldıraraq dağınıq saçlarını barmaqları ilə daradı və tam gözlərimin içinə baxmağa başladı: – Mən sənə and içərəm, – dedi, – hərgah mən o fikrə xidmət edənləri görsəm, onları qəlbimdəki sağlam arzularıma inandıra bilsəm, onlara yardım verər, onların dalınca gedər və o yolda verilən qurbanların məzarı üzərində saçlarımı açaraq, bir bacı kimi ağlardım. Miss Hama bu sözləri söyləyərək yenə də ağladı. Qadın üçün sürətlə ağlamaq və gözündən şəlalələr axıtmaq o qədər də təəccüblü deyildir. Onlar ən kiçik bir hadisənin təsiri altında göz yaşı tökməyə hazırdırlar. Bu göz yaşları heç vaxt və heç kəsi onun inqilabçı olduğuna inandıra bilməzdi. O, inqilaba qarşı ona görə hüsnü-rəğbət bəsləyirdi ki, inqilabın Rusiya və İngiltərə əleyhinə işlədiyini görürdü. Siyasi cəhətcə tam savadlı olan bir alman qızının, xüsusən Almaniya mənafeyini müdafiə üçün gizli bir məqsəd daşıyan Hannanın məqsədi uğrunda inqilaba müəyyən çərçivələr daxilində yardım göstərmək istəməsi də təəccüblü deyildi. Miss Hanna durub içəri otağa keçmişdi. Otaqdan çıxıb mənim yanımda oturduğu zaman, mən onun əynində Livarcan yaylasında geydiyi ipək geyimini gördüm. Əlbisənin döşlərində ulduz biçimli ləkələr də mənə tanış idi. Mən bunun üçün miss Hannaya sual verdim: – Nə üçün ləkələri təmizlətdirmirsən? O: – Bu ləkələr heç zaman təmizlənməz, – dedi, – çünki onlar bizim ilk tanışlığımızın qiymətli nişanələridir. Bundan sonra yenə də iş otağına keçdi və bir azdan sonra əlində kiçik bir paket qayıdıb gəldi. – Sənə qiymətli bir yazı göstərmək istəyirəm, – dedi. – Bu kağız İngiltərə və Rusiya dövlətlərinin İranı bölüşmək üzərində başladıqları ixtilafın mahiyyətini göstərən mühüm bir vəsiqədir. Rusiyanın London səfiri Bekendorf Rusiya xariciyyə naziri Sazonova göndərdiyi 164 nömrəli teleqramında İran nefti üzərində qalxmış İngiltərə— Rusiya rəqabətinin bəzi mühüm nöqtələrini aydınlaşdırır. Teleqramın surətin Tehranda Rusiya səfiri Korostovtsevə göndərmişlər. Bu teleqram rus səfarətindən oğurlanaraq, Amerikanın Tehran missiyasına satılmışdır. Üç gün bundan əvvəl surətini Amerikanın Təbriz konsulxanasına gətirmişlər. Hərgah belə vəsiqələrlə maraqlanırsansa oxuya bilərəm. Mən: – Çox məmnunam! - dedikdə o, çox razı qaldı və teleqramı oxudu: «London səfiri: xariciyyə işlər nazirinə 11:iyun 14-cü il, teleqram 164. Xüsusi: Fransızcadan tərcümə: Dünən əlahəzət İngiltərə kralının ad günü münasibətilə verilən nahar ziyafətində xariciyyə naziri Qrey ilə yan-yana oturmuşdum. Mən ona rus fumalistlərinin «Novoye vremyaə qəzetəsində, cAnqloperşen Oy! Nefbə kompaniyası imtiyazına aid buraxılmış məqalənin rus ictimaiyyəti əfkarına mənfi təsir bağışladığını mənə xəbər verdiyini söylədim. Qrey mənə söylədi ki, Rusiya ilə 1907-ci il müqaviləsi bağlamadan əvvəl əldə edilən imtiyaz işlərində heç bir dəyişiklik olmadığını bilmək lazımdır. Bu barədə İran hökumətilə də heç bir yeni imtiyaz müqaviləsi bağlanmamışdır. Mən Qreyə dedim ki, həqiqətdə mən belə də anlayıram. Lakin onun göstərdiyi bəhanə ümumi əfkarı qane edəcək qüvvətə malik deyildir. O mənə cavab verdi ki, bu barədə olan fikrini təxirsiz söyləmək imkanı yoxdur. O, əmindir ki, bu məsələ həll edilə bilər, cünki İngiltərə hökuməti Rusiya nüfuz məntəqəsi olan Şimali İrana oxunmaq istəmir. Əksinə olaraq hökumət çalışır ki, flota lazım yacaq nefti sahilə yaxın yerlərdə əldə etsin, çünki neft cənubda, nəsələn, onun fikrinə görə Kişmədə təmizlənməlidir. Yenə o mənə dedi ki, bu məsələdə əksəriyyətlə bütün partiyaların qorxduğu bir məsələ varsa, o da bitərəf məntəqəyə girmək məcburiyyətinin meydana gələ bilməsidir. Bizim bu söhbətimiz tamamilə xüsusi və dostanə bir söhbət idi. Bu söhbətlərim Qreyə yaxşı təsir bağışladı. Sizə bunu məlumat üçün bildirirəm. Qrey bu söhbəti təzələdikdə, yenə də mən sizə vəzifəmin tələbi üzrə xəbər verəcəyəm. Bekendorf). Bu teleqram oxunduqdan sonra miss Hama İran xariciyyə nazirinin Rusiyanın Tehran səfirinə verdiyi müxtirə məktubunu də göstərərək dedi: – İran hökuməti Rusiya və İngiltərə hökumətləri arasında mövcud olan ixtilaflardan istifadə ilə ümumi məsələlər, xüsusən Azərbaycana aid məsələlər haqqında Rusiya hökumətinə bir müxtirə məktubu vermişdir. Sən bununla da maraqlanırsanmı? – Maraqlanıram, – dedim. – Biz Təbrizdə qapanıb qalmışıq, heç bir şeydən xəbərimiz yoxdur, çünki bizim Tehran ilə əlaqəmiz kəsilmişdir. – Haman bu müxtirə məktubunda da, Tehran hökuməti mövcud olan əlaqəsizliyin nədən ibarət olduğunu izah etmişdir, – deyə məktubu oxudu. dİran xariciyyə naziri tərəfindən Rusiyanın Tehran səfiri Korostovtsevə 12 iyun 1914-eü il Fransızcadan tərcümə. Əlahəzrət İran şahının tacgüzarlıq ərəfəsində İran hökuməti bu təntənənin asudə və rahat bir şəraitdə keçirilməsinə böyük məna verməkdədir. Hal-hazırda İran və Rusiya hökumətləri arasında mövcud olan yaxşı qonşuluq əlaqəsi və yuxarıda göstərilən məsələlərdəki vahid nöqteyi-nəzər İran hökumətinə imperator hökumətindən öz məqsədinin həyata keçirilməsi üçün kömək gözləməyə icazə verir. Buna görə də İran xarici işlər naziri Rusiya xariciyyə nazirinin yaxşı xidmətlərinə istinadən İran hökumətinin məruz qaldığı çətinliklərdən açıq danışmağı və öz hökumətinin nəzərini hazırkı vəziyyətə cəlb etməsini söyləməyi özünə borc bilir. Cənab Korostovtsev rus konsul agentlərinin Azərbaycanda və sair ölkələrdə maliyyə işlərinə müdaxilə etdiyini bilməmiş deyildir. Bir çox dəfə məktubda və şifahi olaraq cənab səfirin nəzəri bu qanunsuz hərəkətə cəlb edilmişdir ki, bunlar İranın qanuni və müqəddəs hüququnun xələldar edilməsi deməkdir. Həşəmətli cənaba müraciət edərək İran istiqlaliyyətinə zidd olan qanunsuz hərəkətlərə tezliklə nəhayət verilməsi üçün qəti ricalarda bulunmuşdur. Halbuki haman hərəkətlər Rusiya hökumətinin İran istiqlaliyyətinə dair verdiyi təminata ziddir. İran hökumətinin bu müraciətlərinə baxmayaraq, vəziyyət yaxşılaşmadı, əksinə olaraq daha da gərginləşdi. Qanunsuz hərəkətlərin təkrar olunması əfkarı-ümumiyyənin daha da həyəcanına səbəb oldu. Halbuki hər iki ölkənin arasında mövcud olan yaxşı qonşuluq mənafeyi əfkari-ümumiyyənin sakit olmasını tələb edir. İran hökuməti ümid edir ki, Rusiya hökumətinin dostanə təminatı nəticəsində onun yardımına ümid bağlamaq mumkündür. Bu yardımlarla İran hökuməti öz maliyyə işlərini intizama salır. Hazırda maliyyə işləri doğru yoluna düşməkdə və İran maliyyə çətinliyindən çıxmaqdadır. Lakin təəssüf ediləcək bir haldır ki, Azərbaycanda rus konsullarının müdaxiləsi buna imkan vermədi. Vüsuqüddövlə Rusiya səfirindən qəti surətdə rica edir ki, torpaq işlərindəki uyğunsuz hərəkətlərə nəhayət verilməsi və Azərbaycandakı rus konsullarının maliyyə işlərinə müdaxilə etməməsi və İran maliyyə müvəkkillərinin vəzifəsini aparmasına əngəl törədilməməsi üçün sərəncamda bulunsun. İran xariciyyə naziri, Rusiya səfirinin nəzəri-diqqətini Hacı Səməd xan Şücaüddövlənin son vaxtlar Azəroaycandakı hərəkətlərinə cəlb etmək istəyir. Onun bütün hərəkəti, cətinlik yaratmaq üçün birinci vasitədir. Şücaüddövlə açıqdan-açığa Təbrizdə rus general-konsuluna arxalaaraq, hətta bu istinaddan sui-istifadə edərək əlahəzət İran şahının tə- .avüzkarlıq işinə də etinasız baxır və seçki işlərinə də imkan vermə— məyə çalışır. O, özbaşına hərəkətlərində daha irəli gedərək, qanunsuz rergilər toplayır və bu işdə də Təbriz konsuluna arxalanır. İran hökuməti Rusiya hökumətinin həqiqətseviciliyinə inandığı içün ümid edir ki, rus konsullarına rəsmi təlimat göndəriləcək və vücaüddövlə kimi adamlar konsulun müdafiəsinə arxalanaraq, iki iökümət arasındakı dostluq münasibətini xələldar edə bilməyəcəkdir. Xariciyyə naziri, şahın tacgüzarlıq təntənəsi münasibətilə Rusiyanın İrandan öz qoşununu çıxarmaq üçün verdiyi vədənin də yerinə yetirilmək vaxtı çatdığını cənab səfirə demək istəyir... Miss Hama hər iki vəsiqəni oxuyub bir-birinin üstünə qoyandan sonra mənim üzümə baxırdı. * * * Müharibə hazırlığı Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər. Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü. Azərbaycanın hər tərəfində basqınlar, yoölkəsmələr, qarətlər başladığından, çar konsulunun Mahmud xan və Qulusultanın ölüm səbəblərini aydın etməyə macalı qalmamışdı. İşlər belə olduğu təqdirdə konsulun qızını mənə və Ninanı da Mahmud xana vermək layihəsi də aradan qalxmışdı. Nina konsulxanadakı vəzifəsində çalışır və lazımi vəsiqələri vaxtında mənə gətirirdi. Hacı Səməd xan evdə otururdu. O, ətrafına topladığı adamlar vasitəsilə basqınçılıq, özbaşınalıq fəaliyyətini gündən-günə genişləndirir, ölkəni gücdən salır və rus qoşununun bütün Azərbaycanı işğal etməsinə imkan və bəhanə yaradırdı. Səməd xan bu hərəkətləri ilə ruslara göstərmək istəyirdi ki, Azərbaycanda sülh və səlaməti təmin edə bilən bir nəfər varsa, o da ancaq özüdür. Lakin Səməd xan çox sadə, olduqca aydın bir işi anlamırdı və bilmirdi ki, rusların da istədiyi elə həmin bu qarışıqlıq və başsızlıqdır. Səməd xan bir kərə bunu başa düşmək istəmirdi ki, ruslar elə iğtişaşları yatırmaq bəhanəsilə də dövlətlərdən razılıq alıb Təbrizi işğal etmişdi. Müharibə yaxınlaşırdı. Təbrizdə olan Abşeron alayı Türkiyə hüduduna aparılmışdı. Bunların yerinə yeni qoşun hissələri gətirmək üçün Tehran səfiri ilə Təbriz konsulu Orlov və Tiflis sərdarı Vorontsov-Daşkov arasında müzakirə gedirdi. Belə hadisələr Xoy şəhərində də baş vermişdi. Oradakı Şirvan alayı və 21-ci topçu briqadası da Səlmas və Saray tərəflərində yerləşi» Anadoluya soxulmaq üçün əmr gözləyirdi. : Hüduda aparılmış qoşunların yerini doldurmaq üçün hazırlıq getdiyi zaman, Səməd xan da ölkədəki qarışıqlıq alovlarının üzərinə yağ tökürdü. Konsula gələn və konsuldan səfirə, səfirdən isə xariciyyə naziri Sazonova gedən teleqramların arası kəsilmirdi. Təbriz konsulu Orlov Sazonova və surətini Tehran səfirinə və eyni zamanda Vorontsov-Daşkov, Xoy, Urmi, Savucbulaq, Ərdəbil konsullarına göndərdiyi 3512 nömrəli teleqramında yazırdı: €Abşeron alayının Təbrizdən aparılması, seçkilərin başlanması işləri, əhalinin həyacanına səbəb olmuşdur. Rus qoşununun İrandan çıxacağı şayiələri də aralıqda gəzir. Bu şayiələrə görə İrandakı rus qoşununun yerini İran fandarması tutacaqdır. Bu şayiələrin bir səbəbi də, Hacı Səməd xanın istefaya çıxması və yerinə Tehrandan hakim gəlməsi xəbərləridir. Belə şayiələrə arxalanan narahat ünsirlərin açıq çıxışda bulunması qorxuları da vardır. Belə qorxular, əcnəbi himayəsində olanlar və xüsusən maliyyə işlərində çalışan belçiklərin xidmətində bulunanlar tərəfindən daha artıq gözlənir!. Bu xəbərlər Qaradağ və Savucbulaq tərəflərində daha pozucu təsir buraxa bilər. Yerli qubermatorlar çıxışları sakit etmək üçün heç bir vasitəyə malik deyildir. Belə şayiələri aradan qaldırmaq və əhalini qorxutmaq üçün Təbrizdə hərbi nümayiş keçirmək, küçələrdə qoşun gəzdirmək və qaubits? topları ilə hərbi təlim başlamaq lazımdır. Bu top mərmiləri verə düşdükdə bir safın dərinliyində çuxurlar əmələ gətirir. Bir də 1acı Səməd xana tapşırılmalıdır ki, yayılmaqda olan şayiələri rədd etmək üçün qəti tədbirlərdə bulunsun. Orlov " Çar konsulu Orlov çoxdan bəri Belçika maliyyə müşavirlərini maliyyə işləindən qovmaq, yerinə rusları təyin etməyi düşünürdü. ? İstehkam topları. Təbrizdə yeni bir fitnə törətmək, xəyalına düşən çar konsulu, hərbi nümayiş vasitəsilə Əmir Heşmət üsyanının təzədən intiqamını almaq istəyirdi. Çünki o, dara çəkilənlərin və edam edilənlərin azlığından razı qalmamışdı. Hələ bu çar çinovnikinin teleqramı Peterburq və Tiflisdə müzakirəyə qoyulmadan, Xoy konsulu da Orlovun teleqramını əsaslandırmaq üçün xariciyyə naziri Sazonova göndərdiyi 55 nömrəli teleqramı ilə xəbər verirdi: €Şirvan alayının və 21-ci toplu briqadasının Xoy şəhərindən aparılması və Hacı Şücaüddövlə Səməd xanın dəyişilməsi şayiələri əhalinin həyəcanına səbəb olmuşdur. Bu kimi araqarışdırıcı xəbərləri əksəriyyətlə maliyyə işlərinə baxan belçiklər buraxır. Türklər də Urmi və Maku tərəfində çaxnaşmaqdadırə. Makunu işğal etmək məsələsi bir neçə aydan bəri müzakirə edilirdi. Biz çar konsulxanası, habelə Amerika konsulxanası vasitəsilə əldə etdiyimiz teleqramlardan Maku məsələsinin həll olunduğunu zənn edirdik. İndicə bu məsələ ciddi bir şəkil almışdı, çünki Türkiyə ilə müharibə başlandığı təqdirdə, Maku xanlığının çar ordu hissələri əlində olması lazım idi. Bura əldə edilmədən rus ordusunun Bətlis, Alaşkərd, Adilcavad, Başqala və sair Anadolu şəhərlərinə soxulması çətin idi. Bütün bu cəhətləri nəzərə alaraq çar nökərləri, çar agentləri Maku xanlığı ətrafında fitnə törətmək və qoşun gətirilməsinə imkan yaratmaq üçün əllərindən gələni əsirgəmirdi. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənə isə çar diplomatlarının bütün fırıldaqlarını anlayırdı, O, ruslarla anlaşmaq istəsə belə, ruslar onunla anlaşmayacaq idi, çünki xanlığı işğal etmək və Maku kürdlərinin Türkiyə hərbi dairələrilə əlaqəsini qırmaq, ruslar üçün su və hava kimi mühüm idi. Ortalıqda bu səbəblər durduğu halda, heç şübhə yoxdur ki, Maku xanı çar konsulu Alferovla sazişə girə bilməyəcəkdi. Makau ixtilafını həll etmək və xanlığın işğalına bəhanə yaratmaq məşhur çar agenti kürd Seyidbəyə tapşırılmışdı. Seyidbəy açıqdan-açığa fitnələr yaradır. Maku xanının təbəələrini incidir və ixtilafa zəmin hazırlayırdı. Nəhayət, Seyidbəy Xoydan Makuya gedərkən, Makunun işini bitirmək üçün Morux adlı yerdə, Xoy konsulunun təyin etdiyi agentlər tərəfindən öldürüldü. Xoy konsulu bu fitnəni yaratdıqdan sonra xariciyyə nəzarətinə və surətini Tiflisdə Vorontsov-Daşkova, Təbriz, Maku, Urmi konsullarına göndərdiyi 121 nömrəli teleqramında belə məlumat verir: «Maku konsulu Alferovun arzusuna görə mən Seyidbəyə təklif etdim ki, Makuya məktub aparsın. Seyidbəy Morux kəndinin yanından keçirkən, yeddi adam üstünə düşüb onu öldürmüşdür. Öldürənlərin başçıları Bəhram ağa, Mirabdulla və məşhur Əlibəy adlı Maku kürdüdür ki, bunlar hamısı da Maku sərdarının yaxın adamları sayılir. Hamı bilir ki, Seyidbəy Maku konsulunun arzusuna görə Makuya gedirdi. Maku sərdarı rus himayəsində olanlarla daima bu cür fəna rəftar etməkdədirə. Bu teleqram vurulandan üç gün keçmişdi, mən miss Hannanın görüşünə getdim. Bu gün onun bikar günü idi, evdə olduğunu bilirdim. Gedib danışdırmaq və nə törədiyini bilmək istəyirdim. O məni gördükdə: – Bilirsənmi? – dedi. – Xeyr, bilmirəm! – Rəfizadə Təbrizdən qaçmışdır, konsulxanadan dalınca adam göndərdilər. Gəlib, onun ailəsilə bərabər köçüb getdiyini xəbər verdilər. Bilsən nə qədər şad oldum, neçə gündür ki, onun gec-tez işə gələcəyindən qorxurdum. – Elə də olacaq idi. – Bilsən mən nə qədər sevindim. Məni məhv edəcək sirlər örtülü qaldı. Mahmud xan və Qulusultan da öldürüldü. Bax mən nə qədər xoşbəxt bir qızam! Ancaq bilmirəm o qadınlar mənim sirlərimi bir kəsə açacaqlarmı? – Əmin olunuz! Onlar özlərinin Mahmud xan və Qulusultanın öldürülmələri ilə əlaqədar olaraq dolaşa bilmələrindən qorxurlar, buna görə də bu sirri bir kəsə açmaz, zənnimcə, Təbrizdə yaşaya da bilməzər. Bunların hamısı keçib gedər, söylə görüm yeni nə xəbər var? – Səni maraqlandıracaq bir xəbər... – Siyasi hadisələrdən söylə görək!.. – Bu günlərdə Azərbaycanda yeni hadisələr baş verəcəkdir. – Nə kimi hadisələr? – Rus ordu hissələri Maku xanlığını işğal eliyəcəkdir. – Haradan bilirsən? – Tehrandan Peterburqa gedən və surəti Təbrizdəki rus konsulanasına göndərilən teleqram Amerika konsulxanası tərəfindən linmişdir. Miss Hama bu sözdən sonra teleqramı gətirib göstərdi. Tehran səfiri Korostovtsevdən Peterburqda xariciyyə naziri Sazonova. Surəti Təbrizə 334 nömrəli teleqram... 1419 nömrəli teleqram alındı, Xoya və Makuya teleqram edirəm. Bu teleqramı rəhbər tutaraq Maku sərdarına xəbər verəsiniz, bir daha əyri işlərə boyun qoyarsa, xanlığını itirəcək və eyni zamanda böyük cəzalarla cəzalanacaqdır. O, bütün işlərini Xoy və Maku konsulları ilə razılaşdırmalıdır. Siz də təxirsiz tədbirlər ittixaz etməlisiniz. Mən elə zənn edirəm ki, Maku sərdarını yalnız qoşun vasitəsilə sükuta məcbur etmək mümkündür. Ona ancaq hərbi qüvvə ilə təsir etmək olar. Korostovtsevə. Mən miss Hamnaya belə bir sula verdim: – Sən mənə bu kimi işlərdə inanırsanmı? – Mən əvvələn sənə inanıram. İkincisi də budur ki, bizim özümüz də bu cür vəsiqələrin inanılmış bir adam vasitəsilə ifşa edilməsi tərəfdarıyıq. – Təəssüf edirəm ki, mən bu vəsiqələrə qarşı olduqca ehtiyatlı davranıram. Lakin yenə də belə vəsiqələr haqqında məlumat əldə etmək faydasız deyildir. – Həmişə dediyim kimi yenə deyirəm: sənə daima bu cür məlumatı verə bilərəm. Söhbətimiz uzun çəkdi, mən yenə də miss Hamanın başına gələn hadisələrə keçərək soruşdum: – Başına gələn qəzavü-qədəri bir adama danışmısanmı? – Xeyr! Sənə and içirəm. – Xidmətçi qadın bilirmi? – O da bilmir, ona bu hadisə haqqında tamamilə başqa cür məlumat vermişəm. – Qarət olunmuş şeylər barəsində bir şey bilirmi? – Xeyr, şeyləri Amerika konsulxanasında əmanət qoyduğumu söyləmişəm. – Gələcəkdə də kimsəyə söyləməyəcəyinə and içə bilərsənmi? Miss Hanna əvvəlcə mənə, sonra da öz istədiklərinə, inandıqlarına, ibadət etdiklərinə and içdi. Mən söhbəti qəsdən uzadırdım, çünki yeni bir hadisə gözləməkdə idim. Gecə saat 11 idi, qapı vuruldu, xidmətçi qadın qapıya gedib: – Naməlum bir adamdır. €Xanımı görməliyəmə deyir, – xəbəri ilə qayıtdı. Miss Hamna donub qaldı, bir söz demədi, nəhayət, mən: – Get qapını aç və o naməlum adamı içəri burax! – dedim. Miss Hanna etiraz etməsə belə, böyük həyəcan içərisində idi. Naməlum adam adını eşidərkən başına gələn fəlakətin qəhrəmanını xatırlayırdı. Naməlum adam qapını açıb otağa girdikdə, miss Hanna: – Özüdür! Məni qurtaran və şeyləri aparan da budur, – dedi. Mən: – Qorxma, indi ki, bu adam sənə bir yaxşılıq etmişdir, sən buna hazırda təşəkkür etməlisən. Miss Hamna dodaqları arasından qopan titrək bir səslə: – Mən səndən çox razıyam, - dedi. – Səh qəhrəmansan, apardığın bütün qiymətli şeylər də sənə halaldır. Naməlum adam: – Xeyr missl Sənin şeylərin bizə lazım deyildir. Biz öz verdiyimiz yadigarları geri alan adamlardan deyilik! – deyə qoltuğunda gətirdiyi şeyləri stolun üzərinə qoydu. Mən bağlını açdım. Miss Hannaya verilmiş hədiyyələrin hamısı 3z yerində idi. – Götür şeylərini, bu mənim qardaşımdır, – dedim, – sənin nüdafiən üçün aylardan bəri səni təqib edirdi, səni qaraçı qızlarının əlindən qurtarmaq üçün mənim tapşırığımı lazımınca yerinə yetirdi. vlən də bundan razıyam. Mən Həsənağanın əlini sıxdım. Miss Hanna da onun əlini sıxıb to! başında oturmağa məcbur elədi. Həsənağa börkünü çıxarıb oturluqda qız ona diqqət edirdi: Mən: – Yaxşı bax, sənin tanıdığın bir gəncdir, – dedim. Qız yenə də gözlərini ona dikib düşünür, ona, bir də mənə bairdi. Axırda mən Həsənağanı ona tanış verdim: – Siz Payan kəndində açdığınız müalicəxanaya işə götürdüyünüz ci nəfər təbrizli gənci xatırlamırsınızmı? Miss Hanna bir daha durub onun əlini sıxdı və: – Tanıdım, tanıdım! – dedi. – Bu Həsənağadır. Ah, nə qədər qəhrəman bir gənci Təbrizdən qəlbimdə aparacağım qiymətli xatirələrin başlıcası sənin qəhrəmanlığın olacaqdır. * * * Hacı Səməd xana məktub Mən: – Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim. – Bu da onu göstərir ki, sərdar Rəşidin Təbriz hakimi təyin edilməsi təxirə düşmüşdür. Nina məndən soruşdu: – Bunu haradan bilirsən? Bir vəsiqə vardırmı? – Bu gün də konsul Nizamüddövlə bağına getmişdi. Onun Səməd xanı tez-tez ziyarət etməsi, səhhətini soruşması, keçmiş sıxı əlaqəni təzədən bərpa etmək istəməsinə işarə deyildirmi? – Yox, məsələ başqa cürdür. İngilislər hələlik Fərmanfərmanı Təbrizə hakim təyin eləmək iddiasındani əl çəkməmişdi. İran hökuməti də sərdar Rəşidin əleyhinədir. Onlar ingilislərin sərdar Rəşid əleyhinə olduğundan da istifadə edir. İşlər düzələnə qədər çar konsulunun əmrlərini yerinə yetirmək üçün adam lazımdır. Səməd xan isə öz siyasi xəstəliyindən durmaq istəmir, çünki o öz aqibətini görür. O bilir ki, Tehran səfirləri onun yerinə adam axtarır. Buna görə də konsul onu ayağa qaldırmağa və işləri idarə etməyə dəvət edir və buraxılan şayiələrin əsilsiz olduğunu söyləyir. Nina bunu deyərək bir iş qovluğu çıxardı və: – Bunları oxu! – dedi. Aprel ayının axırlarında Dilman şəhərində yerləşən 7-ci nişançı alayının soldatı Tinçenko yerli qadınlardan birisinə təcavüz etmək istərkən, qadının əri və onun qohumları soldatı döymüş və yaralamışdır. Xoy konsulu Çerkov bu məsələni böyütmüş və bunu İran işlərinə müdaxilə aləti qayırmaq üçün hadisənin rus ordusuna silahlı bir hücum şəklində qələmə vermişdir. Bu hadisə rəsmi məktub və teleqramlarla Tehran və Peterburqdan başlayaraq Tiflisə və sair konsulxanalara da bildirilmişdir. Xoy və Dilman şəhərində yerləşən rus ordusunun baş komandanını Vorontsov-Daşkov bir teleqram göndərərək soldatı döymüş, dörd iranlinin xalqın gözü qarşısında güllələmək lazım olduğunu bildirmişdir. Bu teleqramdan sonra Vorontsov-Daşkov Peterburqa xariciyyə naziri Sazonova aşağıdakı teleqramı göndərir: “Qafqaz canişinindən xariciyyə nazirinə 3614 nömrəli teleqram: Vəzirlər şurası sədrinə teleqram edirəm: Bu il aprel ayının axırında, Dilman şəhəri əhalisi tərəfindən 7-ci nişançı alayının qarovulda duran Timçenko adlı nəfəri ölümcül yaralanmışdır. Konsul Çerkovun apardığı tədqiqat nəticəsində dörd nəfər iranlının hərbi səhra məhkəməsinə verilməsi lazım görülmüşdür. İranda silahlı rus qüvvələrinin baş komandanı general Voroponov da bunu məsləhət görməkdədir. Bunların cinayət məhəllində mühakimə olunmaları camaat arasında lazımi təsir bağışlaya bilər. Bunun üçün də general Voroponova məndən icazə istəmişdir. Qraf Vorontsov-Daşkovə. Xariciyyə naziri Sazonov yuxarıdakı teleqrama verdiyi cavabında, yenə də keçmişdə olduğu kimi, iranlıların yerli hakimləri tərəfindən edam edilməsini məsləhət görür: e€Xariciyyə nazirindən Qafqaz canişini Vorontsov-Daşkova 1362 nömrəli teleqram: 3614 nömrəli teleqramınız alınmışdır. Mən elə güman edirəm ki, izim səhra məhkəməmizin İranda yenidən bərpa edilərək işə aaşlaması tövsiyə edilməyəcək tədbirdir. Xüsusən biz bu günlər indilislərlə müzakirə aparmaqdayıq. Yerli İran hakimləri bizə tabedir. özümüz bilavasitə iştirak etmədən müqəssirləri məhkəməyə verə ölərik. Konsulların nəzarəti altında onlar cəzalarına çatar, beləliklə lə, bu barədə dedi-qoduya yer qalmaz. Mən sizə yazdıqlarımı vəzirlər şurası sədrinə də məlumat vermişəm. Sazonov). Konsulun Hacı Səməd xanın görüşünə getməsi, onu işə tərğib ləməsi hiylələri, tamamilə teleqramda göstərilən tapşırıqları öz axtında və Hacı Səməd xanın əli ilə yerinə yetirmək məqsədini dayırdı, Konsul məqsədinə nail oldu. Səməd xan xəstəlikdən qalxdı. irinci kərə divanxanasına gəldiyi gün, çar konsulu Orlov ona xari- «iyyə naziri Sazonovun məsləhətlərini təqdim etdi və güllələnməsi lazım görülən dörd nəfər dilmanlının edam vərəqəsini imza olunmaq üçün qarşısına qoydu. Bu gün onun özü məni bağa çağırmışdı. Bu məsələlər gözümün qarşısında icra olunurdu. Hacı Səməd xan 11-ci il məhərrəm ayının doqquzunda taxdığı eynəyini yenə də qabından çıxarıb gözlərinə taxdı və dörd nəfər bədbəxt iranlının edam hökmünü imza elədi. Biz Nina ilə etdiyimiz söhbətlərdən və bu vəsiqələri oxuduqdan, Hacı Səməd xanın yeni cinayətlərinin şahidi olduqdan sonra belə bir qərara gəldik: Hacı Səməd xanın bu müvəqqəti hərəkətinə zərbə vurmaq: onu başlandığı bu yeni cinayətdən saqındırmaq üçün ona imzasız sarsıdıcı bir məktub yazmaq lazımdır. Hacı Səməd xan ətrafında gedən gizlin və diplomatik xəbərləri toplamaq və onun iş başından götürülməsinə aid bütün qərarları yığmaq və hamısını yazıb Hacı Səməd xana göndərmək faydasız deyildi. Heç şübhə yoxdur ki, Səməd xan belə bir məktubu alar-almaz yenə də öz siyasi xəstəliyinə başlayaraq evinə qapanacaq idi. Teleqramların surəti Ninada idi, buna görə də məktubu Nina özü düzəldəcəkdi. * * * Azərbaycan çar qubernatoru Səməd xana dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq. Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir. Sən bir neçə gün əvvəl dörd nəfər Dilman şəhəri əkinçilərinin edam hökmünü imza etdin. Ancaq sən onu bilməlisən ki, onlar sənin kimi namussuz və şərəfsiz adamlar deyildi. Onlar öz arvadlarının namusuna təcavüz edən çar soldatını döyməkdən qorxmadı. Sənin isə bir əkinçi qədər cəsarətin olmadı, çünki sən öz səadətini namussuzluq, şərəfsizlik, qorxaqlıq üzərində qurmağa çalışırsan. Sən hər nə həyasızlıq edirsən et, lakin gecdir, bu vəzifədə uzun nüddət yaşaya bilməyəcəksən! Dünyanın şəkli dəyişir. Dünya müharibəsi yaxındır. Yaxın zananlarda sənin kimilərin bir tülkücə qiyməti qalmayacaqdır! Sən əlini qanlara boyadıqca, İranın kəndlisinin qanını tökdükcə, əz məhvini də yaxınlaşdırırsan. Hazırda sənin çar diplomatları üçün heç bir əhəmiyyətin qalmanışdır. Onlar səndən lazımi istifadəni etdilər, indicə onlara başqası azımdır. Sənin yerinə namizəd olan sərdar Rəşid gözünün önündə əzir, səndən hökumət möhrünü almaq üçün əllərini uzatmağa nazırlanır. Hərgah məsələnin təxiri səni bu qədər təskin edirsə, o la yanlışdır: sənin öz yerində müvəqqəti olaraq qalmağına səbəb ngiltərə ilə Rusiya arasında aparılan müzakirələrin bitməməsidir. Hərgah bir saat bundan əvvəl ingilislər sərdar Rəşidin təyininə ica versəydi, sən bir saatın içərisində Təbrizdən kənara atılacaq din, çünki sənin zöhrəvi xəstəliklərdən çürüməkdə olan vücudunu, mali Qafqaz mədən sularına göndərmək məsələsi çoxdan bəri həll dilmişdir. Sənin «müalicəni təxirə salmaq fikrindəyəm? deyə konula verdiyin məktubun da müsbətnəticəsi olmayacaqdır, çünki Ruiya hökumətinin özü və eyni zamanda İran hökuməti də sənin zərbaycanda qalmağına razı deyildir. İndi də öz müqəddəratından əmin olmaq üçün məktubda göstəriyimiz vəsiqələri diqqətlə oxu: Tehran səfirindən xariciyyə nazirinə, 40 nömrəli depeş. İran baş naziri Vüsuqüddövlə məndən rica edir ki, balaca şahın z hökumətini qurmaq üçün ona yardım göstərək. Mən bunu öhdəmə götürdüm, eyni zamanda ona dedim ki, İran ökuməti də bizimlə ixtilaflı olan məsələləri həll etsin. Məsələn, rinci növbədə Urmi gölündə gəmi işlətmək imtiyazı bizə verilsin. Səməd xan məsələsinə gəldikdə, Vüsuqüddövlə onun Azərbayndan rədd edilməsini, yerinə İranın adəti üzrə vəliəhdin göndəməsi və şahzadə Fərmanfərmanın ona müavin təyin edilməsin klif edir. Mən bu təklifə cavabla Azərbaycan hökumətinə sərdar əşidin təyin edilməsini tələb elədim. Vüsuqüddövlə «Azərbaycan- , hərc-mərclik beş verərə – deyə bunu rədd elədi. Korostovtsevə. €Cənabə Səməd xan! Bu sizin Azərbaycandan çıxarılacağınız haqqında birinci vəsiqə. İndi də ikinci vəsiqəyə diqqət edin, çünki bu sizin üçün daha maraqlıdır. «Tehran səfirindən xariciyyə nəzarətinə 171 nömrəli teleqram Təbrizə teleqram edirəm. Şücaüddövləni İran hökumətinin göstərişlərini yerinə yetirmək üçün məcbur etmişəm. Heç maneəyə təsadüf etmirəm. Onun məzuniyyətə və müalicəyə getməsi üçün də etirazım yoxdur. Yerinə isə sərdar Rəşid, yainki Urmi hakimi təyin edilməlidir.. Korostovtsevə,. İndi də müvəqqəti olaraq hökumət başında qalmağına səbəb olacaq vəsiqələri oxu! İngiltərə xariciyyə naziri ser Eduard Qrey Rusiyanın London səfiri Bekendorfa verdiyi 129 nömrəli müxtirəsinin xülasəsində belə yazır: Biz Şücaüddövlənin idarə etdiyi ölkədəki tərzi hərəkəti tənqidə layiq bilsək də, bu tənqid onun dəyişməsini və Rusiya nüfuz məntəqəsinə keçən bir ölkənin idarəçisinin iş başından götürülməsi lüzumunu ortalığa sürmür. Cənab Sazonovun sərdar Rəşidi Təbriz genera!-qubernatorluğuna təyin etmək təklifinə gəldikdə, şübhəsiz ki, Rusiya hökuməti onun Ərdəbil qubernatoru olduğu zamandakı fəaliyyətsizliyini bilməmiş deyildir, xüsusən onun İran xalqı arasında heç bir nüfuzu da yoxdur. İran hökuməti heç bir vaxt belə simanın Azərbaycan generalqubernatoru təyin olunmasına razılıq verməyəcəkdir! Təbrizi İranın ənənəsinə görə indiyə qədər vəliəhdlər idarə etmişdir. Hər halda keçmişi naməlum olan sərdar Rəşidi, biz aktiv bir surətdə müdafiə edə bilmərik. Həşəmətli şahzadə Fərmanfərmanın təyin olunması çox yaxşıdır. Onun nüfuzu və şöhrəti vardır, özü də Rusiya tərəfdarlığı ilə məşhurdur. Hərgah cənab Sazonov buna razıdırsa, mən Tehrandakı ingilis səfirinə bu barədə sizin səfirin tərəfini müdafiə eləmək üçün vəkalət göndərimə. Cənab Səməd xan, yuxarıdakı vəsiqəni sizə göstərməklə bərabər, bunu da sizə bildirmək istəyirik ki, Rusiya hökuməti sərdar Rəşidi iş başına gətirmək üçün öz sözündə möhkəm durmuşdur. Rusiya Azərbaycan hökumətini sərdar Rəşidə verməyə müvəffəq olacaqdır. Çünki İranda sənin həyasızlığını davam etdirməyə yalnız sərdar Rəşid layiqdir. Sən hazırlan! Hazırda sənin Rusiya hökuməti yanında heç bir qiymətin qalmamışdır, lakin buna baxmayaraq, qeyd etməlidir ki, sən çar hökumətinə böyük xidmətlərdə bulundun, Azərbaycan sənin vasitənlə işğal olundu. Konsulxanadan nami altında açılan onlarca çar müəssisələrini Azərbaycanda sənin əlinlə təşkil etdilər. Sən yerlilərdən çar mənfəətinə işləmək üçün minlərcə casuslar yaratdın, çar istilaçıları İran kəndlisinin irzini, namusunu sənin vasitənlə ayaq altına aldılar. Sən çar hökumətinin əmrilə vətənin yüzlərcə rəhbərlikedici qüvvələrini qurşuna düzdürdün, dara çəkdin, həbsxanada boğdurub küçələrə atdın, aş yedirib zəhərlətdin. Təəssüf ki yaşamaq qabiliyyətinə malik deyilsən. Bir az yaşaya bilsəydin İran xalqı bütün cinayətlərin cəzasını sənə artıqlığınca verəcəkdi. İran inqilab komitəsi». * * * Sarı Ağabala xan Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim. Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı. Mənim üçün səhər çayına getmək daha əlverişli idi. Çünki bu ğır və xoşa gəlməyən, ürəyə yatmayan görüş, çox da uzun çəkməzi. Sarı Ağabala xan və Əliqərə hamıdan qabaq rəsmi formaları geini» hazır durmuşdular. Hacı Səməd xanın və müdafiəçilərinin otaqlarında gecələyən və iüüəyyən məqsəd üçün Nizamüddövlə bağına təhkim edilmiş fahilər üzlərini kirşanlaya-kirşanlaya bağdan çıxıb gedirdilər. Bütün Təbriz cəmiyyəti təbəqələrinin nümayəndələri balkonda yləşib Hacı Səməd xana təqdim olunmağı gözləyirdilər. Mən də onlarla birlikdə oturmuşdum. Bu halda Sarı Ağabala xan poçtaçıdan böyük bir məktub qəbul edib Hacı Səməd xana vermək üçün içəriyə girdi. Məktub dörd tərəfdən surqucla möhürlənmişdi. Bu bizim yazdığımız məktub idi. Balkondakılar hələ intizar çəkirdi. Nəhayət, bir saatdan sonra Hacı Səməd xanın katibi dışarı çıxaraq: – Bu gün həzrət Əşrəf heç bir kəsi qəbul etməyəcəkdir! – deyə xəbər verdi. Hər kəs kimi mən də getmək istərkən, katib məni görüb irəli gəldi, əlimi sıxdı və oturub gözləməyimi rica etdi. Bir dəstə nökərin otağa çağrıldığını və oradan tələsik çıxıb getdiklərini gördüm. Bir azdan sonra Sarı Ağabala xanı üzü üstə sürükləyərək gətirdilər. Balkonun kərpicləri üzərinə atdılar. O, müti köpək kimi arxası üstə yığılıb, böyümüş gözləri ilə ətrafına baxırdı. Hacı Səməd xan qudurmuş köpək kimi otağından çıxdı, məni görüncə: – Məni əfv edin, bir az gözləyin, bu ədəbsizi döydürəcəyəml – dedi. Sarı Ağabala xan Hacı Səməd xana yalvarırdı: – Həzrət Əşrəf, məni öz başına bağışla, – deyirdi. - Mən nədən bileydim ki, o köpək oğlu poçtaçı deyildi. Gətirib kağızı verdi, mən də qəbul edib gətirdim. Mən bilsəydim onu tutub həzrət Əşrəfin yanına gətirməzdimmi? Lakin onun yalvarışlarını eşidən olmadı. Hacı Səməd xan üzünü Əliqərə və başqa nökərlərə tutub: – İşinizə başlayın, – dedi, – beş yüz çubuq bəsidirl Bu sözdən sonra bir qucaq heyva çubuğu gətirib Sarı Ağabalanın yanında yerə tökdülər. Hacı Səməd xanın əyləşib cəza əməliyyatına tamaşa etməsi üçün də bir stul qoyuldu. İran hakimləri və mülkədarları arasında belə bir adət vardır. Onlar böyük günahkarlara cəza verdikləri zaman «əzanın layiqincə yerinə yetirilməsini yoxlamaq üçün özləri də «əzanın icrası vaxtında iştirak edirlər. Hacı Səməd xan əyləşdi, mənə nəzər yetirdi, bu məsələyə necə baxdığımla maraqlandı və: – Bəlkə, sizin üçün belə işlər naguvaradır, – dedi, – hərgah ağanın meyili vardır, buyurub otağa keçsin. Mən: – Xeyr həzrət Əşrəf! Həzrət Əşrəfin hüzurunda ədəbsizlik edən bu cürə adamları mən də öz əlim ilə cəzalandırmağa hazıram! – dedikdə, o məni öz yanına çığırdı, gətirdib başqa bir stul da qoydurdu. Əyləşdim. İşə başladılar: Sarı Ağabala xanı üzü üstə yıxdılar, onun səhər geymiş olduğu rəsmi formasını çıxarıb bir tərəfə atdılar, alt paltarlarını isə sivirib ayaqları üstünə saldılar, bir nəfər də yanını qoyub onun ayaqlarının üstündə oturdu və ikinci bir nəfər də köynəyini başına qədər sivirib başının üstündə əyləşdi, sonra da iki nəfər fərraş – biri sağdan, biri də soldan – dəstələnmiş çubuqla onun kürəyinə, belinin tirinə və yanlarına amansız zərbələr endirməyə başladı. Bir insan görə yox, heyvana qarşı da tamam bir vəhşilik olan bu hərəkət, mənə təsir etmirdi. Mən gözümün qabağında sızlamaqda və can çəkməkdə olan bu adama acımırdım. Onun inqilabçılara etdiklərini xatırlayır və bu caninin bağırtılarından, iniltilərindən qəribə bir zövq alırdım. Bu zövq məndə şiddətləndikcə təzədən Sarı Ağabala xanın cinayətləri bir-bir xəyalımda canlanırdı. Gözümün qabağında Məhəmmədəli Mirzənin Şəşkilan məhləsində tikdirdiyi yeni imarətin həyəti gəlir. Gecə saat ikidə, ay öz ləkəli çöhrəsini gizlədir, nəstərən ağacının altında icra olunacaq cinayətləri göstərməmək üçün ərk binasının dalısına çəkilirdi. Ulduzlar kəsilən başların göz bəbəkləri kimi bozarır, ruzigar da həyətdəki zirzəmilərdə yatan inqilabçıların son fəryadını İran xalqının qulağına yetirmək üçün şiddətlə əsirdi. Məhəmmədəli Mirzə pəncərənin qarşısında oturmuş, inqilabçıların bir neçə dəqiqədən sonra kəsiləcək başını Müzəffərəddin şaha hədiyyə aparmaq üçün gəlmiş Hüseynqulu xanla! konyak içirdi. Sarı Ağabala xan pəncərənin altında durub Məhəmmədəli Mirzəyə müraciət etdi: – Həzrəti valaya ərz olsun ki, Ələkbər Mirqəzəb tapılmadı. Ağcanbat və Sürxab məhləsini alt-üst etdim, yenə də tapılmadı. Məhəmmədəli Mirzə bu sözü eşitdikdə, piyaləsindəki konyak qalğısını onun başına tökərək: – Sarı məlun! Bəs necə olsun? – dedi. – Gərək bu gecə iş bitsin! Tüseynqulu xan səhər tezdən yola düşməlidir! Sarı Ağabala xan yaltaqlıqla gülümsəyərək: – Həzrət vala, bu barədə fikir etməyə dəyməz. Sarı Ağabala xan iç başı da kəsə bilməzmi? – dedi. Zirzəmidən qabaqca Mirzə Həsən xan Xəbirülmülkü çıxarıb gətirdilər. Onun qollarını nəstərən ağacının altında bağlayıb başını kəsdilər. Sonra növbət ilə Şeyx Əhməd Ruhi və Mirzə ağa Kirmaninin işini bitirdilər. Sarı Ağabala xan onların üzlərinin dərisini soydu və Tehrana göndərmək üçün üzlərinin dərisinə saman doldurub hazırlanmış qutulara qoydu. Bu mənzərə mənim xəyalımda canlandıqca, Sarı Ağabala xan da Səməd xanın çubuqları altında inləyirdi. Sarı Ağabala xanın qabırğalarından qan axırdı. Mən ondan ancaq bu sözləri eşidirdim: – Həzrət Əşrəf, mənim uşaqlarıma rəhmin gəlsin. Səməd xan: – Hüseynbala çubuqları yerə vurur, onun özünü də yıxıb əlli çubuq vurun! – dedikdə nökərlər onu da yıxıb paltarlarını siyirdilər. Bir tərəfdə Sarı Ağabala xan, o biri tərəfdə də Hüsenbala çubuqlanırdı. Onların ikisi də huşdan getmişdi, üzlərinə əba salıb götürdülər. Balkona tökülən qanı yumaq üçün su gətirdilər, Səməd xan hələ oturduğu yerdən qalxmamışdı, düşünürdü. Onun xəyalından çar hökumətinə göstərdiyi xidmətlər bir-bir gəlib keçirdi. Dar ağacları, insanları boğan qaranlıq zindanlar, inqilabçıların boğazına taxılan cırıq köynəklər və sairə onun gözünə görünürdü. Bu qədər xidmətlərinə qarşı çarın mərhəmətsizliyini düşünmək, deyəsən, onu rahat buraxmırdı. O, tərəddüd və iztirablar içində ətrafına baxınaraq: – Həkimbaşını çağırın, – dedi, – halım xarabdır. Məni otağa götürün! Cəlladın bir əlindən mən, bir əlindən də Əliqərə tutdu, onun titrək və çürüyərək əldən düşmüş olan iyrənc vücudunu bir təhər sürüyüb yatağına uzatdıq. O, ancaq bir kərə: – Əfv edin, sizə zəhmət verdim! – deyərək, mənim getməyimə icazə verdi. * * * Yeni intibahnamələr Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu. İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi. Mən onun yanına girdikdə o, bir bez kisə gətirib qabağıma qoydu və onları göstərib dedi: – Mən iki qılınc arasında qalmışam. Bilmirəm inanm, ya inanmayım, konsulun dediyinə görə bu işlərdə ingilis barmağı vardır. Buna inanmaq da olar. Bəlkə də, ingilislər mənim ilə imperator hökumətinin arasını vurmağa çalışır. Amma o biri tərəfdən də seçkilərə başlamaq üçün Tehrandan təlimat gəlir və «ana» konsul da deyir ki, bunlara əməl etmək lazımdır. Cənab ağa! Hərgah Tehran hökuməti burada hakimdir, bəs mən nəçiyəm və çar hökuməti nəçidir? Yox, burada hakim mənəm, bir də çar hökumətidir, bəs Tehran nəçidir, o nə istəyir? Bir tərəfdən də konsulun buyurduğuna inanıram: çünki intibahnamələr olan küçədə, ingiliscə yazılmış kağızlar tapılmışdır. Səməd xan bunu deyərək kisədən bir bloknot səhifəsi çıxarıb mənə göstərdi, mən ona baxıb, ingilis konsulxanası katibinin bloknot səhifəsi olduğunu söylədim. Bu səhifəni biz rus konsulxanasına yazılan bir məktubun başından kəsərək, intibahnamə qoyulan kisənin içərisinə salmışdıq. Həsənağa kisəni bazara atdıqda darğabaşı götürüb Səməd xana gətir— miş, beləliklə, ingilis şübhəsi meydana çıxmışdı. Bundan sonra Səməd xan kisədən bir intibahnamə də çıxarıb mənə verdi və : – Oxuyun! - dedi. Azərbaycanlılar! Məclis seçkilərinə hazırlıq işləri başlanmışdır. Şahın tacqoyma təntənəsi gününə qədər məclis açılmalıdır. Lakin çar fitnəsinə istinad edən Hacı Səməd xan Azərbaycanda seçki aparılmasına imkan vermək istəmir. Tehrandakı rus səfiri də belə məsləhət görür: onlar Təbriz nümayəndələrinin Tehranda seçilməsini təklif edir. Hacı Səməd xan şəxsən, Azərbaycanı İrandan ayırmaq və rus himayəsində olmaq şərtilə ölkəni idarə etməyi düşünür. Azərbaycanlılar! Hacı Səməd xan bu məqsədinə çatmadı. Rusiya xariciyyə naziri Sazonovun əmrinə görə, seçkilər mütləq Azərbaycanda getməlidir. Rusiya hökuməti ingilislərin təzyiqi ilə Hacı Səməd xanı seçkiləri başlamağa məcbur edəcək!.. Azərbaycan xalqı da seçkilərin müsbət nəticə verməsi yolunda çalışmalıdır!.. İran kəndlisi, İran kustarları, İran demokratlarıl Səsinizi məmləkətin düşmənlərinə verməyin! Səsinizi inqilabçılara, məşrutəçilərə verin! Səməd xanın adamlarına, çar himayəsində olanlara etibar etməyin, onların son günləridirl İran inqilab komitəsi Mən intibahnaməni oxuyub bitirdikdən sonra: – Burada əcnəbi barmağının hərəkət etdiyi şübhəsizdir, – dedim, -— məncə, biz cənab general-konsulun buyurduqlarına əməl etməliyik. Onun sözləri etibarlı sözlərdir. Hər halda, imperator hökumətinin sizi təqdim etdiyinə şübhə ola bilməz. Həzrət Əşrəfin əsəbiləş— məsinə lüzum da yoxdur. Sizin Azərbaycanı lazımınca idarə etdiyiniz haqqında Peterburq sarayları müsbət fikirlər daşıyır. Rusiya hökuməti Tehran hökuməti ilə anlaşsa belə, o yenə də sizin Azərbaycan üzərində olan qanuni hüququnuz hesabına heç bir zaman güzəştə gedə bilməz. Həzrət Əşrəf imperatorun özünə qarşı olan dostluq münasibətindən istifadə etməlidir. Rusiya mədəniyyətinin Azərbaycana daxil olmasına maneə yaradan səbəbləri aradan qaldırmalıdır. Həzrət Əşrəf bilir ki, maarif, nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. Mən bu sözləri onun gələcək fikirlərini və hazırda nələr düşündüyünü öyrənmək üçün deyərək ondan cavab gözləyirdim. Hacı Səməd xan arada bir qalxıb yenə yerinə oturdu. – Bərəkallah oğlum! Bərəkəllah oğlum! Fikrin mədəni bir avropalı fikridir! – dedi. – Ağa, əvam xalqımız qoymur, işimiz irəli getmir! Siz elə bilirsiniz ki, mən çalışmıram? İndi neçə müddətdir ki, Urmi gölündə gəmi işlətmək imtiyazının üstündə çalışıram. Siz ticarət, nəqliyyat məsələsini buyurursunuz, məyər Urmi gölündə gəmi işlətmək işinin nizama düşməsi nəqliyyatın islah olunması deyilmi? Amna ruslar bu barədə mənim sözümə baxmır. Mən dediyimi eşitmir. İngilislərdən qorxur. Mən deyirəm Urmi gölündə gəmi işlətmək işi Azərbaycana aid bir məsələdir. Tehran heç vaxt bizi məcbur edə bilməz ki, gərək göldə gəmi işlətmək imtiyazı Süleyman Mirzədə qalsın. Amma Rusiya hökuməti buna razı olmur, Tehranda baş vəzirə rüşvət vermək və məsələni mərkəzdə həll etmək istəyir. Mən çalışıb Makuda kargüzarlıq düzəltdim, Savucbulaqda, Urmidə, Makuda konsulxanalar açılmasına imkan verdim, oralarda əmin-amanlıq yaranmasına, ticarət yollarının səlamətliyinə çalışdım. Amma təəssüf olsun ki, məni imperator hökuməti anlamır, mənim nə vəziyyətdə olduğumu düşünmür. Hacı Səməd xan mənim yuxarıdakı sözlərimdən istifadə ilə, Azərbaycanda çar Rusiyasına vermək istədiyi imtiyazlardan uzunuzadı danışdı və bunları bir cislahatə kimi mənə qəbul etdirməyə səy etdi. Eyni zamanda o, ruslardan narazı qaldığını və özünün təqdir olunmadığını da gizlədə bilmirdi. Hacı Səməd xan axır nəfəsinin çatdığını hiss edirdi. O öz yerini tutmağa hazırlanan sərdar Rəşidi gördükdə özünü şaşırırdı. Biz Səməd xanla şirin söhbətdə ikən, telefonçu gəlib sərdar Rəşidin hüzura gəlməyə icazə istədiyini xəbər verdi. Xanın rəngi birdən-birə dəyişdi, acıqla: – Məndən ona salam yetir! – dedi. – Ərz elə ki, həzrət Əşrəf özünü yaxşı hiss etmir, bu gün qəbul edə bilməyəcəkdir! O, yenə də rusların vəfasız olduğuna işarə edərək sözünü bitirdi. – Əfv edərsiniz, bu gün Nina xanım bir az xəstədir. Ona həkim gətirməliyəm, – dedikdə o: – Mənim təşəkkürümü ona yetir! – dedi. – Sizin bu dostluğunuzun xatirəsi məndə həmişəlik qalacaqdır. Sabah axşam təşrif gətirin, sizinlə bəzi məsələləri danışmalıyam. * * * Konsula və Peterburqa yazılan məktublar Hacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim. Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu: – Cənab ağa, siz rusca yaxşı yaza bilirsinizmi? – Çox yaxşı yazıram. – Mənim üçün iki məktub yazmaq lazımdır: birisi cənab generalkonsula, ikincisi isə Peterburqda nazirlər şurasına. Bu məktubları mən özüm farsca yazmışam. – Çox pakizə, bəndə də onları ruscaya tərcümə edərəm. Bu sözdən sonra Hacı Səməd xan farsca yazılmış məktubları götürüb: – İndi mən bunları oxuyum, siz də tərcümə edin! – dedi. – Bacardıqca diqqətli olmalısınız. Qoy deməsinlər ki, iranlılar məktub yazmağı da bacarmır. – Sizin istədiyiniz kimi tərcümə edərəm. Mən özüm farsca da oxuya bilirəm. Əvvəlcə Səməd xanın Təbriz general-konsuluna yazmış olduğu məktubu tərcüməyə başladım. Azərbaycan valisi Hacı Şücaüddövlədən Təbriz generalkonsulu Orlov cənablarına. Hərgah imperator hökuməti tərəfindən İran məclisinə başlanmış seçkilərdə iştirakım arzu olunarsa, mən Azərbaycanın xüsusi bir vətəndaşı kimi burada iştirak edərəm. Mənim burada bir valı sifətilə iştirak etdiyim xəbəri çıxar-çıxmaz yalnız Qaradağ, Ərdəbil və Savucbulaqda deyil, Təbrizin özündə də nizamsızlıq başlaya bilər. Mən uzun bir müddət çalışaraq cəza qanunlarına müraciət etməkdən sülh və səlaməti bərpa edə bilmişəm. Buna görə də qan tökülməsinə imkan verməmək üçün məzuniyyətimin qəbul olunması, yerimə isə yerlilərdən, yainki Tehrandan bir nəfərin təyin edilməsini arzu edirəmə. Məktubu tərcümə edib, bitirdim. Onun farsca əlyazısını özünə qaytardıqdan sonra rusca yazdığımı oxuyub ona tərcümə elədim. Çox xoşuna gəldi. Sonra Peterburqa xariciyyə nəzarətinə yazdığı məktubu verdi. €Azərbaycan general-qubernatoru Şücaüddövlədən Peterburqda xariciyyə nazirinə Heç şübhə yoxdur ki, imperator, nazirlər şurası mənim keçmiş fəaliyyətimi lazımınca bilir. Bir-iki il bundan müqəddəm, onda ki, bütün İranı iğtişaş sardığı vaxt, mən heç bir firqəyə qoşulmadan yerimdə oturmuşdum. Mən ümid edirdim ki, İran hökuməti bir zaman vəziyyətə hakim ola biləcəkdir. Mən ümid edirdim ki, xalq bir zaman inqilabın pəncəsindən qurtarmaqla rahat yaşaya bilər. Təəssüf olsun ki, İranın vəziyyəti bədbəxtanə, gündən-günə xarablaşdı. Ölkə tamamilə əmniyyət və rahatlıqdan məhrum edildi. Bu vaxtlar mən heç bir firqəyə yanaşmadan hökumətin əmrinə görə öz qüvvətimi toplayıb altı aydan bəri Sərdarudda durmuşdum. Buradan inqilabın nəticəsini təqib edirdim. Rus qoşunları Təbrizə gəldiyi vaxt qismən intizam bərpa olundu və ümumi rahatlığın nişanələri görünməyə başladı. O zaman mən də hökumətin əmrinə görə inqilabçıları hər yerdə təqib etməkdən əl çəkmədim. Talan və qarət yenidən başladı, üsyanlar qalxdı, yenə də xalq evində rahat otura bilmədikdə, inqilabçılar təzədən hər tərəfi əhatə etdi. Xüsusən bütün Azərbaycan bir inqilab ocağına döndü, mən də məcburən Təbriz inqilabçılarını məhv etmək qərarına gəldim. Mən vaxtilə Təbrizdən iki verst məsafədə durmuşdum. Rus qoşunları bu çəkilməz vəziyyətlə toqquşmağa başladıqda və müdafiəyə məcbur olduqda hərc-mərclik yatmağa başladı. Ciddi tədbirlər və ağır cəzalar nəticəsində asayiş bərpa oldu. Rahatlıq başlandı, o vaxt mən də imperator hökumətinin icazəsi lə Azərbaycan ölkəsinin idarəsi başına keçdim və bu günə qədər darə edirəm. Lakin ölkədə yeni siyasi dövrün başlanması ilə yeni məsələlər lə meydana çıxdı. Bu məsələlər Azərbaycanı idarə etmək işində əzi çətinliklər törətdi. İmperatorun Azərbaycandakı konsulxanaları arasında vahid ir nöqteyi-nəzər olmadığından və işə çağırılmış yeni konsulların sas məsələlərdə Təbriz konsulu və Azərbaycan valisi ilə hesablaşnadıqlarından ölkədə hərc-mərclik meydana gəlir. Belçiklərin bizə yardımdan boyun qaçırması, onların Azərbaycan maliyyə interesinə yabançı olmaları, bir para xainlərin konsul ilə mənim aramı vurmağa çalışmaları, ştatdan artıq maliyyə məmurları saxlamaqla 50 min tümənə görülən işləri 300 min tümənlə başa gətirərək ölkənin büdcəsinə zərbə vurmaları, işlərin doğru və asan yolu ilə gedişinə böyük əngəllər törətməkdədir. Onlar nə konsulu, nə də bir Azərbaycan qubernatoru olmaq sifətilə məni tanımaq istəmir, özlərini mənim qarşımda məsul bilmirlər. Bunlar, eyni zamanda İran xalqını da sıxışdırmaqdadırlar. Bütün bunları nəzərə alaraq, belçik maliyyə məmurlarının yerinə ruslardan təyin edilməsini rica edirdim. Bir neçə rus, bir neçə də işlə tanış yerli məmurların vasitəsilə ölkədə rüsumət və vergi məsələlərini həyata keçirmək mümkün və lazımdır. Mən padşah vəzirlər şurasının sədri müşavirinə məruzədə bulunduğum və Azərbaycan hərbi təşkilatı xüsusunda danışdığım kimi indi də aşağıdakı təkliflərdə bulunuram: a) Azərbaycanın üç məntəqəsində kazak briqadası təşkil etmək. b) Azərbaycan qoşunlarından seçib piyada və atlı qoşun dəstələri düzəltmək və onları rus təlimatçılarının tərbiyəsi altına tapşırmaq. Bütün Azərbaycan xalqı bilir ki, mən Azərbaycanda bugünkü günü gözləyirdim. Hərgah icazə verilsəydi, mən Peterburqa gəlib xüsusi məruzədə bulunardım. Bu da olmazsa, mənə müalicəyə getmək üçün uzunmüddətli bir məzuniyyət verəsiniz ki, müalicədən qayıdarkən Peterburqu ziyarət edə bilim. Hacı Şücaüddövlə Səməd xanə. Hacı Səməd xan məktubların hər ikisini təqdir etdi və sonra: – Bunları makinədə yazmaq lazım deyilmi? – deyə soruşdu. – Lazımdır. Verərəm Ninaya, konsula bildirmədən makinədə yazib gətirər. – Belə ha, namusuna qurban! * * * İngilis – rus ixtilafı Dünya müharibəsi yaxınlaşaraq imperialist dövlətlərinin tamam boğazlarına çökmüşdü. Avstriya ilə Serbiya arasında gedən müzakirələrin nəticəsiz qaldığı, Almaniya və Rusiya dövlətlərinin bundan istifadə ilə ümumi çarpışmalara hazırlaşdığı və İngiltərə, Rusiya, Fransa ittifaqı düzəltdiyi zamanda, yenə də İngiltərə və Rusiyanın İran məsələlərində olan ixtilafı öz qərarında davam edirdi. Rusiya xariciyyə naziri Sazonov, Rusiyanın böyük müharibə qarşısında durduğunu nəzərə almayaraq, yenə də İran hökumətinin notasındakı tələblərə qənaətbəxş cavab vermədi. İran hökumətinin notasına verilən 8 iyul 1361 nömrəli cavabda yazılırdı: «Rus təbəəsi və rus himayəsində olan yerlilərə İran hökuməti ərəfindən vergi təyin edildiyi vaxt, konsulxana nümayəndəsi iştirak etməlidir. Onlardan toplanan vergilər isə tamamilə rus bankına veri!nəlidir, çünki paraların harada və necə sərf olunması işinə Rusiya çonsulları nəzarət etməlidim. Sonra Sazonov İran notasına verdiyi cavabında Şücaüddövlə nəsələsinə keçərək bildirirdi: «Hacı Şücaüddövlə məclis seçkilərində iştirak etmək işində izim sözümüzə baxmır. O, səhhətinin pozulduğunu göstərərək vəifə başında qalmaq da istəmir. Buna görə də biz aşağıdakı şərtlərlə əliəhdin Təbriz hökuməti başına gəlməsinə razıyıq: Vəlahəzrət vəliəhd öz yaxın adamlarını məmləkətin idarəsi trafına buraxmamalıdır. Kirmanşahda yaxşılıqla tanınmış şahzadə Fərmanfərma pişkar ifətilə vəlahəzrət vəliəhdin müəyətinə təyin edilməlidir. Bundan əlavə, Rəşidülmük də müəyyən bir vəzifə ilə Azərbayanın inzibati aparatına təyin edilməlidirə. Sazonov bunları İran hökumətinə qarşı bir güzəşt hesab edərək əmişəki kimi dövlətdən bəzi imtiyazlar da tələb edirdi: Urmi gölündə gəmi işlətmək. Muğanın İran hissəsinin. İsfahanda suvarma işlərinin imtiyazı. Bu imtiyazları istədikdən sonra, Sazonov ən mühüm bir məsələyə də cavab verirdi. dBiz İran hökumətinin, rus təbəəsinin İranda mülk əldə etməsinə qarşı olan etirazına belə cavab veririk: İran hökumətinin, Türkmənçay müqavilənaməsinin 5-ci maddəsini əksinə yozması qəbul edilməyəcək bir məsələdirəl. Sazonov bu sözlərdən sonra İran hökumətinin, kazak briqadasının ləğvinə və rus qoşununun İrandan çağrılması tələbinə cavab verərək yazırdı: Hələlik biz bunu imkan xaricində hesab edirik. Yalnız bütün Azərbaycanda və Şimali İranda kazak dəstələri təşkil edildiyi zaman rus qoşunu İrandan çıxa biləcəkdir. Bu da ancaq İranda İsveç zabitləri nəzarəti altında landarm dəstələri təşkil etməyin ortadan qaldırılması ilə mümkündürə. Bundan sonra Sazonov ingilislərlə olan ixtilafı və İran hökumətinin bəzi məsələlərdə ingilis səfirinə müraciət eləməsi məsələsindən bəhs edərək İran hökuməti kabinəsini kəskinliklə tənqid edir və səfirə yazırdı: Siz Rusiya imperator hökuməti namından Tehran hökuməti kabinəsinə bildirin: Bilavasitə İran-Rusiya hökumətlərinə aid olan məsələlərdə başqa bir hökumətin vasitəçiliyinə müraciət eləmək yersizdir. İran hökuməti bir neçə ittifaqda Rusiya hökumətinin İran məsələlərində başqa hökumətin müdaxiləsinə razı ola bilmədiyini görmüşdür. Bu kimi müdaxilələr iki qonşu hökumət arasında mövcud olan ixtilafın dostluqla həll edilməsi işinə də mane ola bilərə. Sazonov İran notasına verdiyi cavabı, örtülü təhdidlərlə bitirir və notada göstərilən tələbatın heç birisində İran hökumətini qane etmək istəmirdi. Sazonov İran hökumətinin etirazına və bu yolda ingilislərin tənqidlərinə baymayaraq, yenə də Şücaüddövləni Azərbaycan hökuməti başında saxlamaq fikrindən vaz keçməmişdi. O, İrana verdiyi nota ilə bərabər, iyulun 10-da İngiltərənin Peterburq səfirinə də bir müxtirə vermişdi. Burada Sazonov Rusiyanın i Rusiya ilə İran arasında bağlanmış 1828-ci il 22 fevral Türkmənçay müqavilənaməsinə görə rus təbəəsinə ancaq ev almaq ixtiyarı verilir. Çar təbəələri isə bundan istifadə ilə İranda kəndlər alır, böyük mülkləri zorlayıb əlinə keçirməklə İranda kaloniyalar salırdılar. i 281 Şimali İranda çəkdiyi zəhmətləri və rus mənafeyinin nə qədər zərərə düçar olduğunu saymaqla bərabər, Azərbaycan məsələsinə keçərək yazırdı: «Azərbaycan məmləkətinin Rusiyanın marağını belə hökmən cəlb etməsi təbiidir. Çünki bura, Qafqaz ilə həmhüduddur. İmperator hökuməti bir az əvvəl inqilab baş vermiş belə bir məmləkətin nizamsızlıqlar, iğtişaşlar içində qalmasına soyuqqanlılıqla baxa bilməzdi. Nəhayət, Azərbaycan hökumətinin başına yerli şəraiti bilən, yerli xalq arasında böyük nüfuza malik olan və hər yerdə bacarıqlı sayılan Şücaüddövdə keçdi. Lakin Tehran hökuməti onun möhkəmliyini görmək istəmir, onu əski şahı taxta gətirmək tərəfdarlığı ilə töhmətləndirir: halbuki Tehran hökumətinin bu iddiası tamamilə əsilsiz çıxdı və Şücaüddövlə nəticədə hökumətə sadiq qaldı». Sazonov yenə də iyulun 10-da, İngiltərənin Peterburq səfirinə verdiyi başqa bir məktubunda, bitərəf məntəqədə mövcud olan və İngiltərə-İran neft kampaniyası tərəfindən imtiyaza götürülən neft məsələsinə keçərək yazır: €Sizə məlumdur ki, rus mətbuatı bu məsələ ətrafında həddindən artıq həyəcana düşmüşdür. Çox yaxşı olardı ki, rus əfkari-ümumiyyəsini həyəcana gətirən bu qorxulu məsələnin təskini üçün sizdən əlverişli bir xəbər əldə edə biləydik. Heç şübhə yoxdur ki, kampaniya məzkur neft imtiyazını 7-ci il müqavilənaməsindən əvvəl əldə etmişdir. Lakin bu bir faktdır ki, bu müəssisənin İngiltərə əlinə keçməsi, işi tamamilə dəyişir. Yaxşı olardı ki, İngiltərə dostluq xatirinə bitərəf məntəqədəki ”u neft mənbələrinin istismarından əl götürəydi, çünki o bitərəf məntəqədə olsa da, bizim nüfuz məntəqəmizlə həmhüduddurə. Biz bütün bu söhbətləri miss Hanna ilə danışdıqdan sonra o, sözü Almaniya-Rusiya ixtilafı üzərinə gətirmək istədi, mən buna yol verməmək üçün sözünü yarıda kəsib ona sual verdim: – Amerikanın gələcək müharibəyə nə nəzərlə baxacağı məlumlurmu? – Məlumdur. Amerika bitərəf qalacaqdır! Bunu bilməyən yoxdur! Mən: – Yanılırsan, – dedim, – Amerika Avropa müharibəsini dördgözə gözləyir. O bu müharibədə almanların və ingilislərin qalib çıxnasına razı ola bilməz, onların ikisi də Amerikanın rəqibidir. Onun müharibəyə qoşulması, müharibənin son nəticələri görünməyə başladığı zaman mümkündür. O bütün avropa zəif düşdüyü və amerikanın iqtisadi boyunduruğuna soxulduğu zaman, qalib çıxması gözlənilən dövləti əzmək məqsədilə müharibəyə girəcəkdir. Sən ehtiyatlı ol! Amerikanın Almaniya əleyhinə müharibəyə çıxacağı ehtimalı bütün ehtimallardan güclüdür. Sən Amerika müəssisəsində çalışırsan, özün də məsul bir işdəsən. Heç vaxt özünü alman tərəfdari kimi tanıtma. Belə olursa mən də səndən razı qalaram. Əks halda başına bir fəlakət gəlirsə, səni müdafiə etmək də çox çətin olar. Hələ Anadolu cəbhəsi də qarmaqarışıq bir cəbhədir. Burada yalnız ruslar, türklər deyil, kürd-erməni, erməni-türk ixtilafları da vardır. Buralarda sənin tələf olacağından qorxuram. Miss Hanna qaşlarını çatıb dodaqlarını büzərək çox düşündü və sonra da: – Bunların hamısı düzdür, – dedi, – lakin Almaniya hər bir dövlətdən yüksəkdir. Mən isə bir alman qızıyam. Əcəba, mənim üçün Almaniya tərəfdarı olmamaq mümkündürmü? Qız həqiqi simasını açırdı. Böyük bir bədbəxtlik uğrunda çalışan bu qız nə qədər qorxulu bir vəzifə daşıdığını heç də hesaba almırdı. – Sən mənə inqilabçı bir qız olacağını söz vermədinmi? – dedim, – sən fəqir və yoxsul xalqların mənafeyi uğrunda işləmək üçün mənə and içməmişdinmi? Sən İran inqilabı qurbanlarının məzarı üzərində saçlarını açaraq doğma bir bacı kimi ağlayacağına söz vermədinmi? Bunların hamısına qız qısa bir cavab verdi: – Doğrudur, söz vermişəm! – Bəs o sözlər hanı? O sözlərini bir alman casusu olduğunlamı həyata keçirəcəksən? Qız: – Gəl, düz danışaq! – dedi. – Sən bu saatda İngiltərə-Rusiya hökumətləri əleyhinə işləyirsən, sən bunu mənə dildə və yazıda göstərməsən belə, mən sənin bütün hərəkətlərini görür və sənin bir İran inqilabçısı olduğunu anlayıram. Çox gözəl, sən Rusiya— İngiltərə əleyhinə işlədiyin kimi, bir alman qızının da bu yolda, bu qaya ilə işləməsi casusluq niyə olsun? Sən bütün dünyada öz millətini sevməyən, onu şərəfli və namuslu görmək istəməyən bir xalqı nişan verə bilərsənmi? Cavab ver, əziz dostum! Zənn edirəm ”u cür söhbətlərin bizim sevgimiz və dostluğumuzla heç bir əlaqəsi yoxdur. Mən indi, doğrudan da, fəaliyyətli, bacarıqlı, çox da cəsarətli bir alman casusunun qarşısında bulunduğumu dərk edirdim. Mən illər uzunu bir casusun nazını çəkmişdim. Onu böyük təhlükələrdən qurarmışdım. Halbuki mən birinci gündən, bunun məhvinə çalışmalı və onu bir casus olduğu üçün Təbriz üfüqündən itirməli idim. Lakin bununla yanaşı olaraq, bizim bu casusdan bir çox mühüm istifadədə bulunduğumuzu da xatırlayırdım. Mən indi dərk edirdim ki, qızı Amerika konsulxanasının sirlərini bizə verməyə və amerika ticarət müəssisələrini Məşədi Kazım ağa vasitəsilə böyük zərərlərə düşürməyə sevgi yox, bir vəzifə məcbur edirmiş, çünki bir alman qızı amerikalılara qarşı da nifrət bəsləməkdə imiş. Onun məlahətlə dolu olan gözlərinə baxdım: – Öz millətinin qeydinə qalmayan insan yoxdur, – dedim, – bu sözünə şərik ola bilərəm. Lakin öz millətini başqa millətlərin əzilməsi hesabına yüksəltmək istəyənlərə qarşı dərin bir nifrət bəsləyirəm. Qızın bu sözdə bədəninə sanki bir iynə batırdım, o diksindi, hətta əlindəki stəkan hərəkət etdiyindən bir neçə damcı çay stol üzərinə töküldü. Mənə belə bir sual verdi: – Sən türk və eyni zamanda iranlı deyilsənmi? – Bəli türkəm, özüm də iranlıyaml – Həm türk, həm də İran xalqı əzilmiş bir xalq deyildirmi? – Əzilmiş xalqdır! – Belə olduğu halda hər iki əzilmiş məmləkətin qeydinə qalmamaq nə üçün? Əcəba, almanların ingilislər və ruslarla başladığı mübarizəsi bu məqsədi daşımırmı? – Xeyr. Belə deyildir. Almanların qalib çıxması ilə bu iki məmləkət azad ola bilməz! Ancaq bir cahangirdən qurtarıb başqa bir cahangirin pəncəsinə keçər, daha da əzilər. İstər türklər, istərsə də ranlılar müharibə edən dövlətlərin heç birisinə yanaşmayaraq, onların hamısına nifrət bəsləməli və bu müharibəçiliklə mübarizə aparmalıdırlar Qız üzünə tökülən saçlarını yuxarı darayıb dedi: – Mən, belə məlum olur ki, çoxdan bəri dünyanı dağıtmaq və mədəniyyətin kökünü qazmaq istəyənlərin yolunu izləyən və bu yolda çalışan bir zatla qarşı-qarşıya otururam. Səni nə qədər sevdiyimi söyləmək artıqdır. Sevgini ölüncə davam etdirəcəyəm. Hərgah mənim sənə qovuşmağıma başqa maneə yoxdursa, demək, ideyalarımız arasındakı ixtilaf sevgimizin nəticəsiz qalmasına səbəb olmuşdur. Yenə də sənə deyirəm, fikrin bolşevik fikridir. Bu fikirlə dünya idarə olunmaz! İndi artıq qızla bu haqda danışmağı faydasız görürdüm, çünki mütəxəssis bir alman casusunu təbliğ etmək axmaqlıq idil Çox oturmadım, söhbətin mövzusu da dəyişildi, durub vidalaşdığım zaman o: – Söylə, sənin məni müdafiə edəcəyinə əmin ola bilərəmmi? – dedikdə mən: – Getdiyin yolu yox, fəqət şəxsini müdafiə edərəm! – deyərək çıxdım. * * * Miss Hannanın son günləri Rusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü. Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi. Biz Hacı Səməd xan və sərdar Rəşidin İranın bitərəfliyini pozmaq təşəbbüslərini buraxdığımız intibahnamələrlə ifşa edirdik. İntibahnamə Azərbaycanlılar! Dünya müharibəsi başlanmışdır. Kütlələr qoyun sürüsü kimi şərq və qərb cəbhələrinə sürülür. Rusiya-Türkiyə dövlətləri arasında gedən müzakirələr müsbət bir nəticə vermədiyindən, yaxın günlərdə sizin bədbəxt vətəniniz də müharibə cəbhəsinə dönəcəkdir. Səməd xan və sərdar Rəşid çar konsulunun təlimat üzrə, Azərbaycan xalqını da bu qanlı vuruşmalara çəkməyə çalışır. Baxınız çar konsulu, Tehranda rus səfiri və Tiflisdə canişin Vorontsov-—Daşkova nə teleqram göndərir? Bu teleqramı diqqətlə oxuyun. Övladlarınızın bu qanlı müharibədə bu cahan— girlik vuruşmalarına sürülməsinə yol verməyin! Teleqram Ne 549 19 iyul 1914 Surəti Tehrana və Tiflisə. cŞücaüddövlə və sərdar Rəşid məndən rica edir ki, sizi onların canlarını imperatorun yolunda fəda etməyə hazır olduqlarını inandınm, Mən elə düşünürəm ki, Türkiyə ilə münasibətimiz mənfi bir şəkil aldığı üçün Azərbaycan qubernatorunu dəyişmək mümkün deyildir. Azərbaycanda onlar rus qoşun dəstələri və bundan da əlavə bura gətiriləcək qoşunların nəqliyyat və ərzaq işlərinin təmini məsələsini Şücaüddövlə öhdəsinə götürdü. Türkiyə ilə müharibə baş verdiyi təqdirdə sərdar Rəşid miqdarı 20 mindən ibarət olan kürd qol ordusunun başında duracaqdır. Şücaüddövlə isə şimal qoşunları, Sərab, Qaradağ və Xalxal qəbilələri başında durmaqla Türkiyəyə hücum edəcəkdirə. İran İnqilab Komitəsi». Bizim bu intibahnaməmizdən bütün şəhər bir-birinə dəymişdi. Bazarda, dükanlarda hamı bu məsələdən danışırdı. Bazarda və çarsularda Almaniya-Türkiyə tərəfdarlarını həbsə ilir və sürgün edirdilər. Yalnız Almaniya tərəfdarı olmaq deyil, Almaniya adını çəkmək eelə həbsə, döyülməyə və təbid olunmağa səbəb olurdu. Bu gün yenə də bazar camaatının sel kimi axıb getdiyini gördüklə maraqlandım. Hər kəs: «Alman tərəfdarını tutublar?— deyə yüyüürdü. Camaat dəstəsi bir çörəkçixananın qarşısında daha da çoxaldı. 1ər kəs boynunu uzadıb alman tərəfdarının görməyə çalışırdı. Nəhayət, oradan tamamilə çılpaq bir adamı çəkib çarsuya saldıar. Mən yanımda duran polisdən onun kim olduğunu soruşduqda, o nənə belə cavab verdi: – Bunun atası Təbrizin məşhur lotularından Hacı Allahyarın oğudur. Lakin bu gördüyünüzün özü də dəlidir. Adına cAllahyarxanp leyərlər. Həmin bu çörəkxanada yayı-qışı təndir damında yatar. Mən təəccüblə polisə sual verdim: – Çox gözəl, indi ki, bu adam dəlidir, özü də çılpaq bir dilənçidir, daha bundan nə istəyirlər? Polis bu sual üzərində mənim üzümə tərs-tərs baxaraq: – Necə yəni bundan nə istəyirlər? – dedi, – görmürsənmi alman tərəfdarıdır? Mən susdum, çünki Təbrizin bugünkü vəziyyətində hər kəsi bu adla məhv etmək mümkün idi. Mən oradan keçdim, hələ o qədər də getməmişdim ki, haman çılpaq «alman tərəfdarınıə, bir də onu dükanda yatmağa buraxan İsmailqərəni çəkə-çəkə Səməd xanın yanına aparırdılar. Sonradan mən onun nə cür «alman tərəfdarı? olduğu haqqında doğru məlumat topladım. Çılpaq Allahyarxan Hacı Səməd xanın fərraşbaşısından pul istəmişdir. Fərraşbaşı ona acıqlanaraq: – Tək oğlansan, pul sənin nəyinə gərəkdir? – dedikdə haradansa dəlinin ağlına belə bir cavab gəlmişdir: – Pulu alman qifilinə verib ağzıma vuracağam ki, bir də sənin kimi çakəşlərdən pul istəməyim. Bu sözün üstündə də Təbriz dəlisini, alman tərəfdarı deyərək, Nizamüddövlə bağına sürüyürdülər. kokok Osmanlılarla rusların birinci vuruşlarında Səməd xanın türklərə qarşı qoyduğu dəstə tamamilə pozulub dağıldı. Təbrizdə olan alman və osmanlı konsulları həbs edilərək Qafqaza sürüldükdən sonra Təbrizin siyasi vəziyyəti tamamilə dəyişdi. Gündən-günə şəhərin işğalı gözlənirdi. Şəhəri böyük təhlükə gözləyirdi, çünki Təbriz üzərinə yürüyən Türkiyə hərbi qüvvələri nizami qoşun deyildi, gələn qüvvət əksəriyyətlə kürdlər idi. Avropalılar və rus təbəələri, eyni zamanda rus himayəsində olanlar Təbrizdən köçüb gedirdi. Konsulxana əzalarından da bir çoxu köçüb getmişdi. Təbrizdə qalan ancaq konsulun özü və bir də mütərcimləri idi, konsulun ailəsi də Rusiyaya göndərilmişdi. Osmanlı konsulunun həbs edilərək Təbrizdən göndərilməsinə baxmayaraq, osmanlı və alman tərəfdarlarının qapısı bir çoxlarının ibadətgahı olmuşdu. Bir gün əvvəl konsul məni və Ninanı çağıraraq köçüb getmək lazım gəldiyini söyləmişdi. Konsul Ninanın Təbrizdə qalmasını qorxulu hesab edirdi. Ninanın müvəqqəti olaraq köçüb getməsinə mən də razı idim, çünki Təbrizin müqəddəratı məlum deyildi. Lakin Nina məni Təbrizdə buraxıb getmək istəmirdi. Bunun üçün də onu olduğu binadan, öz yaşadığım evə köçürmək qərarına gəlmişdim. Bu gün Həsənağa, Tütünçüoğlu Ninanı köçürmək üçün onun şeylərini bağlamaqla məşğul idilər: biz onun Təbrizdə qaldığını gizli saxlayırdıq. Bina sahibinə və başqalarına da Ninanın Təbrizdən köçub getməsini söyləyirdik. Mən şeyləri bağlamaqla məşğul ikən, axşam saat səkkizdə Nina da konsulxanadan qayıtdı. Şeylər bağlanıb qurtarmaq üzrə idi, bir çoxunu da mənim evimə göndərmişdik. Nina şeyləri nəzərdən keçirərək: – Elə hamısı bunlardırmı? – deyə soruşdu. – Xeyr, hazır olanları göndərmişik. – Hara? – Culfayal – Culfaya nə üçün? – Bəs sən Rusiyaya getmək istəmirdinmi? – Xeyr! Mən sənə demədimmi? Konsulun özünə də indi bu saat qəti olaraq dedim ki, mən getmək istəmirəm! Nina bir az düşündü: – Eybi nədir, sən mənim getməyimi istəyirsənsə, gedərəm, amma... O, sözünün axırını demək istəməsə belə, yenə də nə demək istədiyini bilirdim. O demək istəyirdi ki, gedirəm, amma daha qayıtmayacağam. Mən onun uzun müddət həyəcan keçirməsinə razı olmadım və: – Nina, sən buradan mənsiz getməyəcəksən, şeyləri o biri evimizə göndərdik, – dedim. O şadlandı: – Deyəsən, bizim həyatın şəkli dəyişir, – deyə qolumdan tutub məni içəri otağa apardı və redikülündən bir məktub çıxarıb mənə göstərdi. «Möhtərəm miralay Fon Paxov. Zənn edirəm ki, bu mənim sizə yazdığım son məktub olacaqdır. İkinci məktuba qədər bir az sizin özünüzlə görüşüb şifahi söhbət edə biləcəyik, daha doğrusu, ikinci məktubu yazmaq lazım olmayacaqdır. Ruslar və rus təbəələri qaçır, Təbrizdə olan sərvəti xaricə çıxarırlar. Buna görə də Təbrizə girmək işini sürətləndirməlisinizl Rusiyanın Təbrizdə türklər üçün qorxu təşkil edə biləcək mühüm qüvvəsi yoxdur. Səməd xanın dağılmış dəstələri hesaba alınmazsa, rusların silahlı qüvvəsi bir alaydan artıq ola bilməz. Yerli inqilabçılar xalqı intibahnamə ilə bitərəfliyə və ümumi müharibə əleyhinə mübarizə aparmağa dəvət edirlər. Məktubla bərabər şəhərə buraxılan intibahnamələrdən də birisini göndərirəm. Türk qoşunlarını təntənə ilə qarşılamaq üçün lazımı təşəbbüslərdə bulunmuşuq. Təbrizi türklərdən geri almaq üçün Tiflisdən, Aleksandropoldan yeni qoşun dəstələrinin yola düşməsinə aid Amerika konsulxanasında xəbər vardır, konsulxana əzalarından Frikson Amerika konsulxanasından ələ gətirilən gizlin vəsiqələri ingilislərə və ruslara satır. Siz bu barədə göndərdiyim sübut vəsiqələrinin əldə əsas tutaraq Almaniyanın Tehran səfarəti vasitəsilə amerika səfarətinə məlumat verər və buradakıların məsuliyyətə alınmasına çalışarsınızə. Mən məktubu alıb qoynuma qoydum və Ninadan soruşdum: – Amerika konsulxanasındakı alman casusu kim ola bilər? – O bir amerikalı qızdır, özü də almandır. – Onu həbsə aldılarmı? – Xeyr! – Nə üçün? – Tehrana xəbər verildi. Amerika səfiri ilə razılaşdıqdan sonra qızı həbsə alacaqlar. – Məktubu haradan ələ keçirmişlər? – Hüdudu gizlincə keçən bir nəfər kürd tutulmuşdur. İstintaq nəticəsində onun bir nəfər osmanlı onbaşçısı olduğu meydana çıxmışdır. Məni fikir götürdü. Amerikalı qızın bu gecə, yaxud sabah həbsə alınaraq, Rusiyaya sürgün ediləcəyi şübhəsiz idi. Lakin iş bununla da qurtarmayacaq idi. Qız və onun xidmətçisi qadın həbsə alındıqdan sonra çar yandarması bizim də yaxamızdan tutacaq idi, çünki qıza məndən yaxın adam yox idi. Xüsusən fandarm idarəsi, xidmətçi qadını kiçik bir hədə ilə danışdırmağa müvəffəq olacaq və həqiqətin içinə girə biləcək idi. Bilmirəm, Hannanı müdafiə etməliyəmmi? Əcəba, mən hansı bir vicdanla alman casusuna kömək edə bilərəm? Biz cahangir dövlətlərə qarşı mübarizə apardığımız halda, «Almaniya hər şeydən ucadırə deyən casusun həyatını nə cür müdafiə edə bilərəm? Lakin digər tərəfdən də qızın bizə olan xidmətlərini nəzərə alaraq bu qızın çar )andarmasının əlinə verməyi müvafiq bilmirdim. Bunların hamısından sonra onun həbsə alınması məni və Ninanı da təhdid edirdi. Onu müdafiə etmək qərarına gəldim və müdafiə hazırlığını bitirdikdən sonra gecə saat 12-də onun qapısını vurub içəri girdim. O, hələ yatmamışdı. Oturub oxuyurdu, mənim belə gec vaxtda onun evinə gəldiyimdən təəccüb elədi. – Əcəba, günəş qərbdənmi doğmuş? – dedi. – Gecənin bu vaxtında sən hara, mənim evim hara? – Səni könlüm istədi! – Çox məmnunam! Amna sənə yeni bir söz deməliyəm! – Nə söz? – Mən özümə söz vermişəm ki, bir daha səninlə siyasi mübahisəyə girişməyim, çünki biz belə söhbətlərlə şəxsi həyatımızda ixtilaf törətmiş oluruq. – İxtilaf siyasi söhbətlərdən çıxmır, əksinə, ixtilaf şəxsi həyatda törəməkdədir. – Bizim şəxsi həyatımızda nə kimi ixtilaf törəmişdir? – Gözəl Hanna, səninlə mənim həyatım tamamilə ixtilaf və ziddiyyətdən, özü də düzəlməz, islahedilməz və aradan qalxması mümkün olmayan ziddiyyətdən ibarətdir. Bizim ideyalarımız arasındakı məsafə çox böyükdür. Aramızda uçurumlar vardır. Səndə mənim xoşladığım tək bir sifət varsa, o da gözəlliyindir, sənin məni sevməyindirl – Əcəba, bu kifayət deyildirmi? – Xeyr, kifayət deyildir! – Nə üçün? – Bu sevgi nəticəsiz, bar verməməyə məhkum, uğursuz bir sevgidir, çünki aramızda sənin bir alman casusu olduğun kimi keçilməz bir uçurum durur! – Əcəba, öz millətini sevən, onun şərəfini yüksəltməyə çalışan casusmu hesab olunur? – Casus işi görərsə, casus hesab oluna bilməzmi? – Bu adamın daşıdığı vəzifədirsə? – Mən əvvəlcə sənin bu çirkin vəzifədə işlədiyini bilsəydim, bəlkə də, səni bu yoldan qaytarardıml Çünki sən çox gəncsən, mən sənə Almaniya cahangirliyinin iç üzünü göstərər və səni bu vəzifədən iyrəndirərdim. Lakin sən hər şeydən qiymətli olan qızlıq namüsunu mənə etibar edərkən, qəlbində olan bu sirri və daşıdığın bu vəzifəni məndən gizlətdin! Qızın rəngi qızardı. Əllərini daraqlayaraq soruşdu: – Söylə görüm hansı vəzifəni deyirsən? – Sənin Almaniya cahangirliyi mənfəətinə işləyib və alman-türk ordusu ərkani-hərbi ilə əlaqə saxladığın casusluq deyildirmi? – Buna dair bir vəsiqəniz, yaxud bir sübutunuz yoxdur! Zənn edirəm ki, heç kəs də bunu mənə isbat edə bilməz! Mən onun gözlərinə baxdım, bu baxışlar acıqlı baxışlardı. O, son mərhələdə belə qəlbini məndən gizləyirdi. Əlimi qoltuq cibimə atınca, qız sanki bir şey hiss etdi və titrək nəzərlərini əlimdən çəkmək istədisə də bacarmadı. O, kənarda oturmuşdu, mən başıma hərəkət verərək: – Dur yaxın gəl! – dedim və kağızı açdım. O kağızın necə bir kağız olduğunu bilmirdim. Yanıma gəldikdən sonra mən kağızı ona göstərərək: – Bax gör, bu məktubu alman miralayı Fon Paxenə yazan sən deyilsənmi? Qız özünü itirdi, qorxusundan titrədi və tutqun bir səslə: – Mən yazmışam, – deyə etiraf etdi. - Mən məhv oldum. Sən bu məktubu haradan ələ keçirdin? Mən yenə də sakit və nəsihətedici bir surətdə: – Çox təəssüf edirəm ki, mənuzun, qiymətli vaxtlarımı bir alman casusu ilə keçirdim: alman casusu isə sənətində mahir olmadığı üçün öz sevdiyi adamın kim olduğunu bilmədi, – dedim. Qızın dodaqlarında və üzündə bir zərrə olsa qırmızılıq qalmamışdı. O mənə yalnız bircə sual verdi: – Məni həbsmi edəcəklər? – Edəcəklər! Sənin məktub aparan qasidin tutulmuşdu, məsələni bu gün Tehrana xəbər vermişlər. Amerika səfarətinin razılığı əldə edilərsə, səni bu gecə, yaxud sabah həbsə alacaqlar! Qızın başı stolun üzərinə düşdü və qarşısında oxuduğu kitabı əlləri ilə didməyə və şiddətlə ağlayaraq içini çəkməyə başladı. Mən orada çox otura bilməyəcəkdim. Onu həbsə almaq üçün indi, yaxud bir saat sonra konsul kazaklarının evi əhatə edəcəyi ehtimalı var idi. Buna görə də mən: – Ağlamağa lüzum yoxdu, – dedim. – Özünü ələ al! Belə vəzifələri öhdəsinə götürən bir qızın qəlbi də casus qəlbi olmalıdı! Qızın qara saçlarının hər telindən bir damcı tər düşürdü, o ümidsizliklə: – Artıq məhv oldum! - dedi. – Mən hər şeyi itirdim. Atamı, anamı, vətənimi və hər şeydən qiymətli olan sevgimi də – səni də itirdim. Ah, mən rus zabitlərinin əlinə düşməkdən nə qədər qorxuram, hələ bir casus sifətilə əsir düşmək, daha qorxulu və daha müdhişdir. Mən sözü uzatmağa imkan vermədim, çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. Qız yaşlı gözlərini mənə çevirərək yalvarmağa başladı: – Mən sənin iqtidarına inanıram, rica edirəm, mümkün isə mənim müdafiəmə çalış, mən sənə söz verirəm, artıq bu iyrənc yolu təqib etməyəcəyəm! Mən: – Sənin doğru yola qayıdıb-qayıtmayacağından danışmayacağam, qorxu qarşısında hər bir günahkarın tövbə etməsi təbiidir, – dedim, – mən yalnız səninlə dostcasına keçirdiyimiz saatların xatirinə, səni çar zabitlərinin əlində görməmək üçün son kərə bu təhlükədən qurtarmaq qərarına gəlmişəm. Bu söz üzərinə qız əyilib əlimi öpmək istərkən, əlimi çəkdim, o, başını yenə də mənim çiynimə söykədi, mən qalxdım: – Dur, – dedim, – oturmağa vaxt yoxdur, maşın küçədə səni gözləyir. – Mən hara getməliyəm? – Cəbhəyə buradan iki saatlıq yoldur. Şofer tanışımızdır. Səni ötürəcək adam da vardır. Lakin xidmətçi qadını da aparmalısan, cünki o burada qalırsa kiçik bir hədə ilə bütün sirri aça bilər. Qıymətli şeyləri götür, qapıları möhürlə, bəlkə, sən yenə də buraya qayıtdın. – Qiymətli şeyləri sən götürüb apar, mənsə, ancaq libaslarımı götürəcəyəm, hərgah Təbrizə qayıdarsam, şeyləri qaytararsınız. Qız qalxdı, xidmətçisi ixtiyar qadına da məsələni anlatdı. Yarım saat çəkmədən bütün şeyləri yığışdırdı. O, qapını bağlayıb dışarı çıxarkən ağladı və dodaqlarını mənə uzadaraq: – And olsun anamın canına, bu dodaqları sənin üçün saxlamışam, – dedi. Mən: – Mən də dodaqlarımın sevdiyim qızın dodağından ayrı dodağa dəyməyəcəyinə and içmişəm, - deyə əlini sıxaraq, onunla vidalaşdım. Maşın hərəkət etdi. Fənərin işığı Təbriz gecəsi dumanlarının içərisində qeyb olub gedərkən, mən də alman casusu ilə korladığım üçillik tanışlığın dumanlı səhifələrini qapadım. DÖRDÜNCÜ HİSSƏ * * * Təbriz 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu. Hərbi idarələr Təbrizin üzərinə ciddi nəzarət təyin etmişdilər. Səttar xan hərəkatında iştirak edən bir çox görkəmli adamlar təqib edilir və gizli yaşamağa məcbur olurdular. İrticanın görkəmli nümayəndələri çar-ingilis əks-kəşfiyyatçıları ətrafında toplanıb. Azərbaycan Demokrat Firqəsinin üzvlərini həbsə aldırmağa səy edirdilər. Xüsusən ingilis konsulxanası əks-kəşfiyyat dəstələrinin həqiqi qərargahına çevrilmişdir. Onlar yalnız Demokrat Firqəsi üzvlərini təqib etməklə kifayətlənməyərək, Səttar xan hərəkatından bu günə qədər inqilaba hüsn-rəğbət bəsləməkdə olan adamları da yerli İran hökuməti məmurlarının vasitəsilə həbsə aldırırdılar. Təbrizdə yalnız ingilis və çar konsulxanası tərəfindən yaranan irtica təşkilatları deyil, alman və osmanlı əks-kəşfiyyatı da ciddi surətdə işləyir və Cənubi Azərbaycanın hər tərəfində hörümçək kimi öz torunu hörürdü. Buna görə də çar-ingilis hərbi idarələri öz təzyiqini artırır və Təbrizdə bir çox hərbi qanunları həyata keçirirdilər. Səttar xan hərəkatında İstanbula qaçmış Mirzağa Bülluri və Hüseyn Fişəngçi kimi xainlər alman və osmanlı əks-kəşfiyyat idarələrinə satılıb, çar və ingilis siyasəti əleyhinə çalışır və Təbrizdə olan tərəfdarları ilə yazışırdılar. Bunlar yalnız irticaçılar və adamlar arasında deyil, Demokrat Firqəsi üzvləri arasında da özlərinə tərəfdar axtarırdılar? Onlar çar ordusunun arxasında qorxu yaratmaqda osmanlıların Kars və Sarıqamış tərəflərindəki ağır vəziyyətini yungülləşdirməyə çalışırdılar. Son günlər Ənvər paşanın Sarıqamışa hücum etmək üçün Əlehsan paşanın komandası altında bir ordu göndərməsi xəbəri ilə bərabər Mirzağa Bülluri və Hüseyn Fişəngçinin rəhbərliyi ilə Təbrizə bir osmanlı silahlı dəstəsinin gəlməsi şayiələri də vəziyyəti mürəkkəbləşdirmişdi. Elə həmin günlərdə osmanlı və alman əks-kəşfiyyatçıları avam camaatın arasında ittihadi-islam şüarlarını yayır və islam hökumətlərinin birləşəcəyi cmüidəsinib verirdilər. Bu qədər mürəkkəb bir vəziyyətin qarşısında Azərbaycan Demokrat Firqəsinin vəziyyəti gündən-günə çətinləşirdi. Firqə ingilis və çar kəşfiyyat dəstələrinin hərəkətinə qarşı çalışır və eyni zamanda osmanlı-alman münaqişəsini ifşa edirdi. Təbrizdə Mirzağa Büllurinin xain hərəkətinə qarşı ciddi bir nifrət oyanmışdı. Bir çoxları açıqdan-açığa yeridilən çar müstəmləkəçilik siyasətini osmanlı dərəbəyliyindən şərəfli bilir və xalqa bu macəraya qoşulmamağı tövsiyə edərək, əhalini osmanlı dərəbəyliyindən qaçmağa və rus mədəniyyətinə qoşulmağa çağırırdılar. Azərbaycan Demokrat Firqəsi belə bir çətin zamanda gizli iş üsuluna keçməklə Firqənin sağlamlığını mühafizə etməyə çalışırdı. O, Azərbaycan xalqının malik olduğu inqilabi ruhun sarsılmamasına çalışır və Səttar xanın vəsiyyətlərinə əməl edərək, Azərbaycan xalqının öz azadlığını öz qüvvəti ilə ala biləcəyi həqiqətini təbliğ edirdi. İngilislər Təbriz valisi Hacı Səməd xan Şücaüddövlə və onun müavini sərdar Rəşidə təzyiq göstərərək, Azərbaycan demokratlarının siyahısını hər cür olursa-olsun əldə etməyi tapşırırdılar, vali və onun müavini isə özlərinə mənsəb qazanmaq məqsədi ilə yüzlərcə təqsirsiz adamın siyahısını ingilis və çar konsulxanalarına verirdi. Azərbaycan şəhərlərində olan Demokrat Firqəsi komitələrinin vəziyyəti daha da qorxulu idi. Onlarla əlaqə saxlamaq işi gündəngünə çətinləşirdi. Xüsusən Türkiyə ilə həmsərhəd olan şəhərlərdə firqə çıxılmaz bir vəziyyətə düşmüşdü, çünki bu şəhərlərin hamısında ingilis konsulxanaları təşkil olunur və bunlar ingilis əks-kəşfiyyat dəstələrinin yuvasına çevrilirdi. Belə bir qarışıq zamanda Marağa və Ərdəbil tərəfindən çox pis xəbərlər gəlirdi. Bir tərəfdən təbriz valisi Hacı Səməd xanın adamları Marağa ətrafında olan kəndləri talan edir, o biri tərəfdən Hacı Səməd xanın müavini sərdar Rəşidin adamları Ərdəbil tərəflərini soyub talayırdılar. İndiyə qədər aclıq və qıtlıqla mübarizə təşkil edən Demokrat Firqəsi yoxsullara və aclara kömək edə bilmirdi. Taxıl ordu ehtiya- «ına alındığı üçün qıtlıq başlanmışdı, xəstəlik və aclıq hökm sürürdü. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlala olan ümidləri sönməmişdi, onlar yenə də yerli İran valiləri və eləcə də çar və ingilis dövlətləri üçün böyük bir qorxu təşkil edirdilər. İngilislər Azərbaycan Demokrat Firqəsi rəhbərlərini məhv etmək siyasətini yürütməklə bərabər, hər şeydən əvvəl, kütləni onların əlindən almağa çalışırdılar. Onlar kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək Səttar xan hərəkatı nəticəsində xeyli zəifləmiş olan mövhumat və bidətləri canlandırırdılar. İngilis müstəmləkəçilərinin tapşırığı ilə Hacı Səməd xan və onun müavini sərdar Rəşid mürtəce mollaları və mərsiyəxanları səfərbərliyə alıb məscidlərə təhkim edirdilər. Hacı Səməd xan və onun müavini inqilaba hüsn-rəğbət bəsləyənləri dar ağacına çəkməklə kifayətlənməyərək, gizli terror təşkilatı düzəltmişdilər. Bir gün Bağır xanın vaxtında xəzinədar olan Bala Tağını zirzəmidə boğdurub Məcidülmülk mağazalarının qarşısına atdırır, o biri gün Səttar xanın yaxın adamlarından Məşədi Abasqulu və sairlərin meyidləri Qarı körpüsü və Quruçay tərəflərində tapılırdı. Təbrizdə yayılan şayiələrə görə Tehranda alman-osmanlı dövlətləri ilə İran hökuməti arasında İranı Rusiya və İngiltərə əleyhinə müharibəyə qoşmaq üstündə alış-veriş gedirdi. Bu alış-veriş Cənubi Azərbaycanın vəziyyətini daha da ağırlaşdırırdı. İngilis və çar konsulluqları Təbriz valisi Hacı Səməd xanın qarşısında daha ciddi tələbat qoyur və onu fəaliyyətsizliklə töhmətləndirir, onun yerinə müavini olan sərdar Rəşidi vali təyin etmək üçün Tehran ilə danışıq aparırdılar. Buna görə də istər Hacı Səməd xan, istər onun yerinə namizəd olan vali müavini özlərini sadiq və çalışqan göstərmək üçün yeni qurbanlar tapır və Nizamüddövlə bağında olan zirzəmilərdə məhv etdirirdilər. * * * Culfaya doğru Culfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım. İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı: cƏbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçüoğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. Əbülhəsənbəy və ağa Əsəd çar konsulxanası himayəsində olduqları üçün hərbi idarələrin onlara hər barədə kömək göstərmələri rica olunurə. Mən Culfaya getmək üçün bu vəsiqələri alan kimi daha Təbrizdə dayanmadım. Heç bir kəsə bildirmədən getməyə hazırlaşdım, çünki casuslar Təbrizdən kənara çıxan və Təbrizə girən müsafirlərin hamısını təqib edir, nə üçün gəlib, nə üçün getdiklərini öyrənirdilər. Konsulxanadan əlimizdə vəsiqə olduğuna baxmayaraq, yenə də ehtiyatlı hərəkət etməli idik, çünki necə ki, konsulxana, elə də hərbi dairələr vəsiqə verdikləri adamları da yoxlayırdılar. Bunun üçün də Nina: – Sən bu cür işlərə qarışma, özün bilirsən ki, təhlükə bizim ətrafımızda gəzir, hərgah biz özümüz də təhlükəyə yaxın getməyə çalışsaq, onda axırımız necə olar? – dedikdə mən: – Bu səfərdə təhlükə bizi yaxalasa belə, yenə də bir nəfər qazanırıq, – dedim. – Mən tutulsam da, iki nəfər yoldaşı qurtara- «ağam. Nina cavab vermədi, çünki o, belə hadisələrlə məni qorxutmaq istəməzdi. AL! Culfaya getmək üçün danışdığım maşın səhər saat altıda yola düşəcəkdi. Nina ilə vidalaşıb maşın duran karvansaraya qədər faytonla getdim. Sərnişinlər oraya yığılmışdı, mən, bir də konsulun mənə tapşırdığı naməlum rus qızı yubanmışdıq. Mən gəldikdən sonra sərnişinlər artıq rus qızını gözləmək istəmir, hamısı bir ağızdan maşın sahibinə müraciət edərək deyirdi: – Sürün gedək, bu qədər adam bir rus matuşkasının məəttəlidir. Heç dəxli var? Bu sözlərə maşın sahibi cavab vermirdi, o, papirosunu çəkir və maşını təmizləyirdi. Mən də durub içində öz vəziyyətimə gülürdüm: bir dəfə də olsa mən bu yolu qadınsız getməmişdim. İndi düşünürdüm ki, bu qəribə sərgüzəştimi bir nəfər tanışa nağıl etsəm, yaxud bir kitab və yainki bir səyahətnamə şəklində yazsam, mənə güləcəklər və bu sərgüzəştlərimin uydurma olduğunu üzümə söyləyəcəklər. Eyni zamandə məni bu təsadüflər o qədər də düşündürmürdü, çünki 1909-cu illərdən başlayaraq, Culfa-Təbriz arasında o qədər qadın gedib-gəlirdi ki, hər bir müsafir bu cür qadınlara dəfələrlə təsadüf edə bilərdi. Lakin konsulun mənə tapşırdığı və «gözün üstündə olsun? – deyə təkrar etdiyi bu rus qızı nə Nina, nə də miss Hannaya bənzəməzdi., Bu qız mənim üzərimə təyin olunmuş bir casus ola bilərdi. Bunun üçün də bu son tanış olacağım qadın məni o qədər də maraqlandırmırdı. Danışıqlar və narazılıqlar davam edirdi: – Belə də biabırçılıq olar?1 – Bir matuşkadan ötrü yolumuzdan qaldıq... – Ana, əslinə baxsan bizi adam hesab eləmirlər. – Görünür ki, maşın sahibinin adamıdır. – Gəlsin görək sir-sifəti necədir? – Necə olacaq? Yüzlərcəsi necə, bu da onların birisi! Maşın sahibi danışıqların məzmununu az da olsa anlayırmış, buna görə də gülərək, mənə tərəf döndü: – Bilsələr ki, nə cürə qızdır, heç də yubanmağından narazı qalmazlar. Lakin onu da demək lazımdır ki, bu ağaların özlərindən şey alanda bir şahıdan keçməzlər. Amma deyirlər ki, «sür gedəkə.. Mən gərək bunların xatiri üçün on beş tümən puldan əl çəkim, – dedikdə mən: – Əhəmiyyət verməyin! Görünür ki, yubanan müsafir o qədər də adi bir müsafir deyil, onu cənab konsul da mənə tapşırmışdır. Nə olar, bir az gözləmək lazımdır, – deyib yenə də fikrə getdim. İndi də belə düşünürdüm: «Mənim tanışlarımdan əvvəla Mərənd poçt-teleqraf rəisi Müqimüddövlə, ikincisi Culfa poçt-teleqraf şöbəsi rəisi Şükrulla xan, Mirzə Hüseyn (Dəxil), Mirzə Mahmud xan (Qərə) və sairələri məni üçüncü bir qızla görəndə heç şübhə yoxdur ki, mənim bir qadın düşkünü olduğumu zənn edəcək və işimin Culfadan Təbrizə, Təbrizdən Culfaya qadın müsafirlərini istiqbal və müşayiət eləmək olduğunu deyib güləcəklərə. Hər halda mən özüm də müsafir qızı səbirsizliklə gözləyirdim, çünki özümə əmanət tapşırılan bu qızı heç vaxt görməmişdim. Rus qızı gəldi. Onun çamadanını bir nəfər rus soldatı götürmüşdü. İndiyə qədər qızı gözləmək istəməyən müsafirlərin hər biri qızı öz yanında oturtmağa çalışırdı, çünki rus qızı həm gənc, həm də gözəl idi. Maşın sahibi qızı tacirlər oturan sıra yerlərdə oturtmadı. Maşının girəcəyində olan iki adamlıq yerin birisini qıza verdi və sonra da mənə müraciətlə: – Zənn edirəm ki, bu yer çox rahatdır, siz də xanım qızla bərabər oturunuz, – dedi. Mən keçib oturdum. İranlı libasında deyildim, tacirlər məni müsəlman hesab etmirdi. Buna görə də mən qızın yanında oturduqda onlar cürbəcür ədəbsiz və cəmiyyətə layiq olmayan sözlər danışırdı. Maşın hərəkət etdi, hələ Acı körpüsünə çatmamış Əmir kanvarsarasının qarşısında yerləşən soldatlar bizim vəsiqələrimizi yoxladılar. Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. Mən yanımda oturan rus qızının vəsiqəsini ikinci göstərişdə öyrəndim. Qızın vəsiqəsi Təbriz çar konsulxanası tərəfindən verilmişdi, qızın adı və familiyası isə: Kseniya Pavlovna Bereinyova idi. Danışmırdıq, ancaq üç nəfər tacir ağzına gələni danışırdı. Onlar qızı və məni rus bildikləri üçün ədəb dairəsindən kənar bir çox söhbətlər aralığa atırdılar. Qadınların şəxsiyyətinə və şəhvətə dair sözləri isə bəzən farsca danışır və gülüşürdülər. Ara-sıra eşitdirmək üçün ikinci Nikolayı tərifləyir və onun rəiyyətpərvər bir padşah olduğundan dəm vururdular. Maşında gedənlərin hamısı bir-birini çar agenti hesab edirdi. Siyasi və iqtisadi söhbətlərin hamısı ağızdan ölçülüb, biçilib çıxarılırdı. Şose yolu idarəsi qarşısında vəsiqələrə bir daha baxdılar. Rus qızı vəsiqəsini göstərib redikülünə qoyduqda gülərək: – Vəsiqələrə o qədər çox baxırlar ki, adam az qalır onları başına və yainki döşünə taxsın, – dedikdə mən: – Qaydası belədir, – dedim. – Madam ki, olduğumuz yer düşmən məmləkətlərə yaxındır, o zaman hərbi dairələrin gəlib-gedənlərə diqqət verməsi lazımdır. Sofiyan kəndinə qədər heç bir söz danışmadıq. Qıza göz qoymuşdum, o, danışmaq istəyirdi, hövsələsi darıxırdı, bu uzun yolu getmək üçün məşğuliyyət axtarırdı, bu da ki, mümkün deyildi, danışmaq üçün özünə və başqalarına zərər verməyən müəyyən mövzu axtarmaq lazım idi. Qız artıq sakit dura bilmirdi. O da görünür ki, məni danışdırmaq və kim olduğumu öyrənmək istəyirdi, Bir kərə: – Saatınız neçədir? – dedi. Mən də: – Saat səkkizin tamamına beş dəqiqə qalmışdır, – dedim, məsələ bununla bitdi. Bir saat daha yol getdik. Nəhayət, o, geniş söhbət üçün başqa bir mövzu tapdı, soruşdu: – Siz Təbrizdən həmişəlikmi gedirsiniz? – Xeyr, – dedim, – həmişəlik getmirəm, bir neçə gündən sonra yenə də qayıdacağam. – Uzunmu çəkəcəkdir? – İşimin düzəlməsinə baxır. İşim düzələrsə, üç gündən sonra qayıda bilərəm. Hər halda peyğəmbərlik etmək yaxşı deyil, – Tacirsinizmi? – Adlı-sanlı tacir deyiləm. Az bir ticarətim vardır, baş dolandırmaq və möhtac olmamaq üçün. – Ticarətiniz nədir? – Ticarətim cavahir, daş-qaş satmaqdır. İndisə bu mümkün deyil, çünki Avropa ilə əlaqəmiz yoxdur. Yaxşı daşları Fransadan, İtaliya və Hollandiyadan alırdıq. Müharibə olduğu üçün də bu yerlərlə əlaqə saxlamaq mümkün deyil, hələlik Culfada müxtəsər bir alacaölm var, onun üçün gedirəm. Qız bir az düşündükdən sonra: – Dünyada yaşamaq üçün cavahirfüruş olmaq, insanların birindən o birisinə fərq qoymağı öyrənmək lazımdır, – dedi. – Təəssüf olsun ki, bu da hər kəs, xüsusən uşaqlıqdan gəncliyə təzə-təzə ayaq qoyan adamlar üçün heç də mümkün deyildir. Mən qızın qəlbində müəyyən şəkil verə bilmədiyi bir sirrin olduğunu dərhal hiss etdim. Cavahir mövzusunun üzərində dayanmaq istədim və kədərli bir halda: – Ah, gənc xanım, - dedim, - bir daşın qəlbində gizlənən brilyantı zərrəbin vasitəsilə görmək çox asandır, lakin insanın qəlbindəkiləri öyrənmək üçün hazırkı elmlər və fənlər kifayət deyildir. Həm də insan bir daş deyil ki, qiymətli daşlarla müqayisə edilsin. Biz insanlar bir-birimizi öyrənə-öyrənə qocalırıq, yalnız biz deyil, filosoflar belə təbiətin bu mürəkkəb məhsulunu öyrənmək işində savadsız bir məktəb tələbəsi kimi durub gözlərini döyür. Hazırda şəxsən mənim özüm həyatda bədbinliyə düşməmək üçün bir vasitə axtarıram. Hələlik başqasını öyrənməkdən qabaq özümü öyrənirəm. Mənə belə gəlir ki, mən nəyəmsə, başqası da az və ya çox bir fərqlə ondan ibarətdir. Doğrudur, insanlar bir-birinə oxşamırlar, onlar bizim nəzərimizdə xasiyyət cəhətincə də fərqli görünürlər, lakin onların xasiyyətində ümumilik çoxdur. Yalnız adamlar deyil, kainatda gördüyümüz şeylərin hamısı belədir. Onların növü və cinsi zahirdə fərqli görünür, onlar zahiri görünüşləri etibarı ilə o qədər çoxdur ki, saymaqla bitmir, hətta bizim düşüncəmiz də bəzən onları əhatə etməkdən aciz qalır. Təbiətin yaratdıqları hər bir şey qarmaqarışıqdır. Səthi bir nəzərlə baxanda təbiətin yaratdıqlarında ahəng və intizam da yoxdur, lakin təbiətin bu qədər qarmaqarışıq hadisələrini bir elm əsasında tərtibə saldıqda və onları təbəqələrə ayırdıqda görürük ki, bu qədər qarmaqarışıq şeylərdə ümumi və təbii bir münasibət vardır. Gözəl qız, insanlar da belədir, onlarda da bir-birinə ümumi və təbii bir münasibət vardır. Buna görə də mən əvvəlcə özümü öyrənməyi qərara almışam. İnsanlara qarşı munasibətimi, dünyaya baxışımı, özümün nə kimi bir qabiliyyətə malik olduğumu öyrənirəm. Qız mənə çox diqqətlə qulaq asırdı. Məndən razı qalmışdı. Hətta bir neçə kərə əlimi sıxaraq: – Rica edirəm, söhbətinizə davam edin! – dedi. Zatən mən özüm də başladığım bu mövzudan razı idim, çünki burada nə siyasət vardı, nə də günün hadisələrindən danışırdıq. Sofiyandan Mərənd şəhərinə qədər rus qızının başını çürük təbiət fəlsəfələri ilə qarışdırmışdım və zənn edirdim ki, söhbətimiz bununla da bitəcəkdir. Maşınımız Mərənd şəhərində dayanmayacaq idi, buna görə də köhnə dostumuz və Mərənd poçt-teleqraf rəisi Əhməd xan Mütimüddövlənin ziyarət edə bilməyəcəkdim. Zatən Mərənd şəhərində düşüb gecələmək də lazım deyildi. Əvvələn, tez idi, Culfaya gedə bilərdik, ikinci də, Mərənd Andranik paşanın könüllü ordu nəfərləri ilə dolmuşdu: şəhər cəbhə yaxınlığındakı bir yerə oxşayırdı. Könüllü ordu burada toplanıb Xoy şəhərinə göndərilirdi. Maşınımız Mərənd şəhərini keçdikdə rus qızı: – Mən indi bu yolun tez bitməsini istəmirəm, – dedi. – Nə üçün? Yol sizin üçün maraqlıdırmı? – deyə soruşdum. – Yox, yol getmək o qədər də maraqlı deyildir. Təbriz ilə Culfa arasında gözəl bir təbiət də yoxdur: yaşıl dağlar, çəmənlər, meşələr, axar çaylar da gözə görünmür, lakin buna baxmayaraq, sizin söhbətinizlə maraqlanıram: yolumuz uzun olsaydı, sizi həvəslə dinlərdim. – Mənim söhbətlərim o qədər də maraq oyandırıcı deyil, – dedim. Siz əmin olun ki, mən bir adamı olduğundan yuxarı qaldırmağı sevmərəm, riyakar və yaltaq da deyiləm. – Mən xanım qızın haqqında bu cürə düşünmürəm. – Ona əminəm! Lakin onu da bilməlisiniz ki, bəlkə də, sizin söhbətləriniz başqa bir qıza xoş gəlməz. Burası təbiidir, hər kəsin mədəsi hər qidanı həzm etmir. Qəzetlər, məcmuələr, roman və hekayələr də belədir. Orada hər kəs vərəqləyib öz istədiyini tapar. Bəzən heç bir ədəbi qiyməti olmayan əsərlərin də maraqlısı tapılır. Sizin söhbətlərinizə gəldikdə onlar mənim səviyyəm və zövqüm üçün olduqca müvafiqdir. Hərgah mən meydana atdığınız fikri sizin qədər müəyyən qəlibə salıb söhbət etməyi bacarsaydım, bəlkə də, sizdən əvvəl mən söhbətə başlardım. çünki mənim özüm də insanları tanımaq işində bir filosof və bir təbiətçi kimi avarayam. – Mənim böyük səhvlərimdən birisi, hansı söhbəti kimin yanında danışmağı bacarmadığımdan ibarətdir, çünki insan danışdıqda kimin üçün danışdığını bilməlidir. Sizin mənim söhbətlərimi təqdir etməniz təsadüfi bir hadisə ola bilər. – Mən sizin icazənizlə demək istəyirəm ki, bu fikrinizə şərik ola bilməyəcəyəm! – Nə üçün? – Hərgah insan hər kəsin zövq və marağını öyrənib söz danışarsa, onun şəxsi ideyası, öz şəxsi düşüncəsi harada qalar?) Sizin fikrinizcə, bir müəllim, əvvəlcə tələbənin maraq və zövqünü öyrənməli, sonra da ona müvafiq dərs verməlidir? Hərgah belə olarsa, ictimai tərbiyə və təhsil məsələsi nə olar? Qız məni çıxılmaz bir döngəyə salıb döyəcləyirdi. Mən indi hiss edirdim ki, rus qızı indiyə qədər rast gəldiyim qızlardan deyil: indi bildim ki, mənim təbiət fəlsəfəsinə və insanların mahiyyətinə dair söhbətlərim tamamilə sadə bir boşboğazlıqdan ibarət imiş. Buna görə də düşünür və səhvlərimi düzəltmək üçün mövzu arayırdım. Lakin əvvəlcə danışdıqlarımı bir həqiqət olaraq isbata çalışmaqdan başqa çarə görə bilmədim və ona belə bir sual verdim: – Siz bədii ədəbiyyat haqqındakı tənqidi məqalələri oxuyursunuzmu? – Bəzən oxuyuram, onsuz olmaz ki... – Tənqidlərdə yazıçıya verilən göstərişlərdən birisi yazıçının öz əsərini kütlə üçün yazmasından ibarətdir. Buna görə də hər kəs danışdığı zaman öz dinləyicilərini nəzərə almalıdır. – Əvvələn, bunu demək istəyirəm ki, yazıçılıq bir həqiqət olduğu kimi, eyni zamanda bir bədii xəstəlikdir də. Hərgah bir yazıçını kütlə oxumasa belə, o yenə də yazar. Ancaq yazıçı üçün bir şey lazımdır: o, ilhamını və mövzusunu içərisində yaşadığı xalqın həyatından almalıdır. Lakin mövzunu oradan almaqla bərabər, ona öz boya və düşüncəsinin bədii libasını da taxmalı, onu öz fikri kimi meydana gətirməlidir. Sizin mənə söhbət etdiyiniz fikirlər də bunun kimidir. O cür fikirləri bir çox kitablarda görmək olar, bir çoxlarının dilindən də eşitmək mümkündür. Lakin siz ona qabiliyyət və istedadınızın boyasını verdikdə o fikri gözəlləşdirdiniz: onu mənim şüuruma yetirmək üçün yol tapa bildiniz. Başınızı ağrıtmaq istəmirəm: ət həmin ətdir, ancaq iş aşpazın sənətindədir: həmin əti hər aşpaz öz səliqəsincə bişirib xalqın qabağına qoyur. Buna görə də sənət onun özünündür. Fikir onun öz fikridir, kütlədənmi, hər kəsdənmi alınmış olsa belə, onun özünə məxsusdur. İndi də mən kimliyi və nəliyi məlum olmayan bu rus qızı ila maraqlanırdım. Onu danışdırmaq, söhbətindən həzz almaq üçün mövzu arayırdım. İndi hiss edirdim ki, qadın öz gözəlliyi ilə nə qədər sevimlidirsə, elmli və şirin söhbətli olması ilə də o qədər gözəl və sevimlidir. Mən həmin bu rus qızı ilə olan bir neçə saatlıq söhbətimdən belə bir nəticə çıxardım: Gözəllik yalnız gözəl olmaqla tamamlanmır. Gözəl qadın bir şeir sənəti kimi incədir və onun mütləq şeir bilməsi lazımdır, çünki gözəlliklə şeir heç bir zaman ayri-ayrı yaşaya bilməz. Əsl məziyyət gözəlliklə şeirin birləşməsindədir. Kim bilir, bəlkə, gözəlliklə şeirin hər ikisi bir mənada imiş? Mən bu fikirlərin təsirində olaraq rus qızına belə bir sual verdim: – Siz ədəbi əsərlərin hansı növünü daha çox sevirsiniz? Rus qızı başını qaldırıb üzümə baxdı və: – Söhbətlərin mövzusu da göstərir ki, bizim hər ikimiz iyirminci əsrdə yaşayan bir adamın adını daşımaq şərəfini doğrulda bilərik. Lakin böyük bir nöqsan buraxmışıq, o da bundan ibarətdir ki, söhbətlərin dərinliyinə cummazdan əvvəl tanış olmağımız lazım idi. İndi mən şeir barəsində danışmaqdan əvvəl tanış olmağı təklif edirəm. Mən əlimi ona uzadaraq: – Əbülhəsənbəy, dedikdə o da: – Ksenya Pavlovna, – deyərək əlimi sıxdı və əlavə etdi: – Möhtərəm cənabın adı da göstərir ki, rus deyilsiniz, iranlısınız. – Bəli, mən rus deyiləm! – dedim. – Gözəl xanımın xoşuna gəlməsə də iranlı olduğumu söyləməyə məcburam. – İranlı olmaq, həm də mədəni olmaq sizin üçün böyük bir şərəfdir. Bu barədə də sonra danışarıq. İndi buyurun görüm, Culfada harada qalacaqsınız? – İndidən təyin etmək mümkün deyildir, hər halda mehmanxanaların birində mənzil edə bilərik. – Bəlkə də, bir mehmanxanaya düşdük. Ola bilər ki, qayıdanda da birlikdə qayıdaq. – Siz yenə də Təbrizəmi qayıdacaqsınız? – Qayıtmaq istəməzdim, lakin məcburiyyət vardır. Mən bu qızın məcburiyyəti haqqında söhbət açmadım, onun əvvəlki sözləri də ona bədbəxt bir hadisə üz verdiyini göstərirdi, ancaq onun bir mehmanxanada mənzil etmək arzusunu rədd etməyərək: – Eybi nədir, hərgah sizin üçün bu xoşdursa, mümkündür, – dedim. Söhbətimiz burada bitdi. Maşınımız Dərədiz burnundan çıxıb şimala doğru sürətlə gedirdi. Şiddətli və soyuq şimal küləkləri «ulfaya yaxınlaşdığımızı xəbər verir və külək ağızdan çıxan kəlmələri qapıb cənubun nəhayətsiz fəzasına tullayırdı. Danışmaq mümkün deyildi. Culfanın damları uzaqdan qum üzərinə atılmş kibrit qabları kimi görünürdü, mən barmağımı şimala doğru tutub rus qızına dedim: – Çatdıq, qumun üzərinə sərilmiş ağ şərid kimi parıldayan Araz çayıdır, biz artıq Culfadayıq. * * * Axşam idi, Culfanın sərin küləkləri başlamışdı. Cənub-şərqdən Kəmtal, şimaldan isə Ələncə dağlarından qopan küləklər Culfa qumlarını qaldırıb damların başına səpirdi. Mən hələlik dışarı çıxmaq istəmirdim. Ağa Məhəmməd Hüseyn Hacıyev və Ələkbər yoldaşdan xəbər tutmaq üçün gecənin qaranlığını gözləyirdim. Üstümün tozunu təmizlədim, libasımı dəyişdim. Bir neçə saatdan sonra yemək salonuna çıxdım. Qaranlıq düşmüşdü, «Fransa» otelinin restoran həyatı başlanmışdı. İrandan gələn və İrana gedənlər damaqlanmaq üçün bu restoranda bir yerə yığılmışdı. Xidmətçini göndərdim, rus qızını da yemək üçün çağırdılar, çünki onun özü bir yerdə yemək yeməyimizi arzu etmişdi. Nahar yeməyimiz axşam saat 10-da bitdi. Rus qızı yeməkdən sonra: – Yəqin ki, siz dincəlmək istəyirsiniz? – dedi. – Xeyr, hərgah siz dincəlmək istəyirsinizsə, mane deyiləm. – Yox, mən də dincəlmək istəmirəm, saat on birdə Tiflisdən qatar gələcəkdir, mən adam gözləyirəm, istiqbal etməliyəm. – Mənim də bəzi tanışlarım vardır, onları görmək lazımdır. Demək ki, saat on ikidə, bəlkə də, bir az gec və ya tez burada görüşərik. Rus qızı ilə sözləşib ayrıldıq. O, faytona oturub vağzala getdi, mən də Qriqor ağa ilə bərabər €Fransa» otelindən çıxıb İstiqraz bankının meydanına tərəf söhbət edə-edə gedirdik. Araz çayı kənarında sıra ilə qurulmuş soldat çadırları Misirin Nil çayı kənarındakı ehramlarını, İstiqraz bankının qabağındakı kilsənin qülləsi isə Əbülhövlün başını xatırladırdı. Külək nə qədər şiddətlə əsir əssin, yenə də Culfada yerləşmiş çar ordusunun C€Allah, çarı salamat elələ səslərinə qalib gələ bilmirdi. Araz çayı körpüsündən İrana keçən ağır topların gurultusu göy gurultusu qədər dəhşətli və titrədici idi. Qriqor ağa: – Culfa sizin 9-cu ildə gördüyünüz Culfa deyildir, – dedi. – Bura indi müharibə arxası yox, cəbhə həyatı vəziyyətindədir. Doğrudan da, küçələrdə ancaq qoşun dəstələri, toplar, səyyar mətbəx və nəqliyyat vasitələri görünürdü. €Fransa» otelində də böyük bir qələbəlik var idi. Hər tərəfdə zabit, hər tərəfdə tanış olmayan adamlar görmək olurdu. Qriqor ağa öz mehmanxanasının vəziyyətindən danışdığı zaman: – Qəribə bir zamandır, – dedi. – İran məsələlərindən istifadə edənlər, öz şəxsi mənafelərinə ümumi mənafenin boyasını verənlər, bütün qara fikirlilər, cib kəsən və qulaq kəsənlər hazırda Culfadadır, bu saat əgər birisi mənim mehmanxanamı partlatsa, onlarca casus və vətən xainini məhv etmiş olar. Biz Qriqor ağa ilə danışa-danışa xAvropap mehmanxanasının dalından keçib, gözə görünməmək üçün evlərin arxası ilə Məhəmmədhüseyn Hacıyevin evinə getmək istəyirdik. Nikonun mehmanxanasından yoğun gövdəli və ucaboylu bir adam çıxıb bizə yaxın— laşdı və: – Qayıdın mehmanxanaya, danışmalı sözüm vardır, – dedi. Bu adam fandarm onbaşısı məşhur Xramtsov idi. O, başqa bir yoldan, biz isə başqa bir yoldan mehmanxanaya qayıtdıq. Xramtsov gəldi. Qriqor ağanın mənzilinə girən kimi diqqətlə baxaraq məni tanıdı və: – 9-cu ildə tanış olmuşuq, – deyib əlimi sıxdı, bir papiros yandırıb çəkdi və sonra da Qriqor ağaya müraciətlə: – Bugünkü xəbəri on manata verməyəcəyəm, – dedikdə Qriqor ağa: – Sən də bahalıq salma görək başımıza nə gəlir, – dedi. Mən söhbətə müdaxilə edərək: – Bir şey də mən qoyaram üstünə, - deyib bir dənə rus 25 manatlığı ovcuna basdım. Xramtsov pulun çoxluğunu görüb şübhələndi və o tərəf-bu tərəfinə baxıb: – Qəlp pul deyil ki? – dedi. – Bu cür sözlər ayıb deyilmi? Mən cənab Xramtsova qarşı bu cür hörmətsizliyi rəva görərəmmi? Jandarm pulu cibinə qoyub: – Dünən gecə vağzalda Molla Həsən Mahmudov köpək oğlu on manat veribdir, səhər baxıb görmüşük ki, qəlp puldur. Qriqor ağanın səbri tükəndi və tez soruşdu: – De görüm nə xəbər vardır? Xramtsov isə cavabında: – Zəhmət olmasa 10 manatı çıxar, sonra xəbər verim, – dedi və sakit oldu. Nəhayət, Qriqor ağa 10 manat çıxarıb verdikdə Xramtsov bir əmrnamə çıxarıb oxudu. Əmrnamədə Ağa Məhəmmədhüseyn Hacıyevin, Səfərovun mehmanxanasında gizlənmiş Ələkbər Hüseynovun həbsə alınması yazılmışdır. Xramtsov əmrnaməni cibinə qoyub: – Bu gecə işinizi görməlisiniz, çünki mən səhər tezdən Pandarm polkovniki Ştraubeyə onların Culfada olmadıqlarına dair raport verməliyəm. Bildiniz ki?1 Xramtsov bunu deyib getdi. Biz Qriqor ağa ilə bir-birimizin üzünə baxdıq. – Tez adam göndər Arseni bura çağırsınlar! – dedim, lakin səbrim-aramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi. Öz-özümə: €Nə yaxşı ki, yubanmadım, bir gün təxirlə gəlmiş olsaydım, bizə həmişəlik bir bədbəxtlik üz verəcəkdiə – deyib otaqda dolanırdım. Arsen gəldi, görüşüb öpüşdük, heç bir müqəddimə başlamadan məsələni ona danışdım. Arsen tərəddüdsüz olaraq ayağa qalxdı və: – Bu saat arabaçı Avetis ağanı çağırım, – deyərək getdi. Bir saat da gözlədik, gecə saat on ikidə Avetis ağa gəldi. Ələkbər və Ağa Məhəmmədhüseyn Hacıyev yoldaşı İrana keçirmək üçün danışıb razılaşdıq. Gecə saat birdə oturub gözləyirdim. Avetis ağa qayıdıb Ağa Məhəmmədhüseynin xəz içərisində, Ələkbər yoldaşın isə arabaçı adı ilə Araz körpüsündən sağ və salamat İrana keçdiyini söylədi. Hər şeydən əmin olduq. Ağa Məhəmmədhüseyn İran poçt-teleqraf rəisinin faytonu ilə Ələmdar şəhərinə, Ələkbər yoldaş isə Təbrizdən Tütünçüoğlu adına gətirdiyim vəsiqə ilə Təbrizə gedəcəkdi. Gecə saat ikinin yarısında işlərimizi qurtardıq. Rus qızının kiçik məktubunu verdilər. Orada yazılmışdı: «Mənim gözlədiyim adamlar gəlmədi, işinizi qurtardıqdan sonra məni səsləyin. Ksenya. Yemək üçün kiçik salona girdik, şam süfrəsi hazır idi, Ksenya Pavlovna çox qəmgin bir vəziyyətdə gəldi. Əvvələ o, uzun bir yolu maşınla gəldiyindən yorulmuşdu, dincəlməmişdi, ikincisi də, onun öz yazdığına görə Rusiyadan gözlədiyi adamlar gəlib çıxmamışdı. Lakin çox təmiz və vüqarlı bir surətdə geyinmiş, saçlarını düzəltmiş və ətirlənmişdi. O, yemək vaxtında: – Bəli, mənim gözlədiklərim gəlib çıxmadı. Müvəffəq ola bilmədim, sizin işləriniz nə yoldadır? – soruşdu. – Mən də bəzi tanışlarla görüşdüm. – Sabah qayıtmayacaqsınız ki? – Xeyr! Hələ bir-iki gün burada qalmaq lazım gələcəkdir. Bu sözdən rus qızı sevinərək: – Yaxşı oldu, bəlkə, iki günə qədər bizimkilər də gəlib çıxdı, – dedi. Doğrusu, mən bu səmimi və tərbiyəli qızın bir çar agenti olması və məni təqib etməsi şübhələrinə o qədər də əhəmiyyət vermirdim. Bu mənim tərəfimdən ehtiyatsızlıq olsa da, qıza inanırdım, nə qədər çalışsam da, çar agentinə və casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. Onun insana qarşı bəşəri münasibəti, həyata qarşı nəzəriyyəsi, dünyaya baxışı, bir ədib, bir şair kimi tərz-hərəkəti, özünün şübhəli bir adam olmadığını göstərirdi. O, iyirmi iki yaşlarında bir qız idi. Lakin dünyanın uzun illərini yaşamış, hadisələr içərisindən süzülüb çıxmış, həyatın müsbət və mənfi cəhətlərinin bütün təcrübəsini keçmiş bir adam kimi nəzərimdə canlanırdı. Qız mənim fikirləşdiyimi və dərin sükutumu görərkən başını qaldırıb mənə düşüncəli bir nəzər atdı və gülümsünərək: – Dərdlərinizi mənimlə bölüşdürməməyə haqlısınız, çünki məndə bir müvəffəqiyyətsiz adama müvəffəqiyyət qazandırmaq imkanı yoxdur, – dedi. – Dərdli və çıxılmaz vəziyyətə düşən adamların bir çoxu özündən başqa hamını xoşbəxt hesab edir, lakin mən belə deyiləm. Sizin də ağır bir fikir altında əzildiyinizi hiss edirəm. Mən onun şübhələrini dağıtmaq üçün: – Heç bir fikrim yoxdur, xanım qızın mənim çöhrəmdə gördüyü dalğınlıq fikirdən deyil, uzun yolun yorğunluğundandır, – dedim. O güldü: – Fikir yorğunluğu bütün yorğunluqlardan əzici və ağırdır, – dedi. Mən onu danışmağa məcbur etmirdim, çünki onun yeməyinə mane olurdum, onsuz da gözəl qız iştahası olmayan adamlar kimi əlində çəngəl qurdalanırdı. Qriqor ağa və onun xanımının salona gələrək bizim yanımızda oturmaları qızın qəlbindəkiləri öyrənməyimə mane olurdu. Biz gecə saat dördə qədər oturduq. Kiçik salonda bizdən başqa yenə də bəzi ailəli adam və çar zabitləri, bank direktoru, gömrükxana işçiləri var idi, Restoran həyatı başlanmışdı, lakin bura sərxoşluq və ədəbsizlik edənlər buraxılmadığı üçün restorandakılar özlərini çox rahat hiss edirdilər. Saat dörddə mən qıza müraciətlə: – Dincəlmək istəmirsinizmi? – dedim. O, başını qaldırıb üzümə baxdı və: – Siz dincəlmək istəyirsinizsə, mən də istərəm, – dedi. Bununla da biz qalxıb getdik. Mən onu otağına yola salanda: – Səhər çayını birlikdə içəcəyik, – dedi. Mən ona sual verdim: – Saat neçədə? – Saat 11-də yuxudan qalxa bilərsinizmi? – Mümkündür! – dedikdə, o, əlimi sıxdı və əlində saxlayaraq: – Sizinlə uzun-uzadı danışmaq lazım gələcəkdir. Siz bilirsiniz ki, Təbrizdə dərdə şərik olan bir cəmiyyət yoxdur. Onu da biz düzəldərik, – deyərək xudahafiz etdi və qapının daldan bağlandığını eşitdim. * * * Sahibsiz ailə Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi: – Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir. Mən öz taleyimə güldüm, öz qəlbimdə: «Nə üçün bu cür qadınlar mənə təsadüf edir? – dedim və Qriqor ağaya sual verdim: – O qız bu gün bir yerə getmişdimi? -— Məncə, heç bir yerə getməmişdir. İşi sizi soruşmaq və otağına qayıtmaq olmuşdur. – Onun yanına başqaları gəlmişdimi? – Heç bir kəs gəlməmişdir. Qriqor ağa ilə söhbətimiz burada bitdi. Otağı açdırıb içəri girdim, bir qədər düşündüm, əvvəlcə qızdan xəbərsiz çamadanı götürüb yola düşməyi, heç olmasa başqa bir yerə köçməyi qərara alaraq, bu şübhəli qızın gözündən uzaqlaşmaq istədim. Sonra da Qriqor ağa dediyi kimi. onun köməksiz və ehtiyac altında özünü şaşıran bir qız olduğunu zənn edərək, öz-özümə: €Yox, – dedim, – hərəkəti də bir casus olduğunu göstərmir. Nə isə onun varlığında bir bədbəxtlik gizlənmişdirə. Bu fikirlər məni əvvəlki qərarımdan qaytardı. Zəngi basıb xidmətçini çağırdım, nahar yeməyinin öz otağımda hazırlanmasını tapşırdım, sonra da qıza kiçik bir məktub göndərdim: «Əziz dostum! Mehmanxana sahibi məni soruşduğunuzu xəbər verdi. Sizdən nigaran qaldım. Bu gün bir az işim olduğuna binaən mehmanxanaya çox təxirlə qayıtdım. Məni bağışlayın. Qriqor ağa indiyə qədər nahar yemədiyinizi xəbər verdi, buna görə də nahar yeməyini öz otağımda hazır etdirmişəm. Sizi də gözləyirəm. Əbülhəsənə. Məktubu xidmətçi ilə göndərdim. On beş dəqiqə çəkmədən rus qızı şad bir üzlə gəldi, onun bütün hərəkəti qiymətli bir itkisini təzədən əldə edən bir adamı nişan verirdi. O öz titrək əlləri ilə mənim əlimi sıxaraq dedi: – Mən sizdən tamamilə ümidimi kəsmişdim, elə düşünürdüm ki, siz məni burada yalqız buraxıb getdiniz. – O düşüncələr sizi məndən küsdürmədimi? – Ona səlahiyyətli deyildim, lakin bir-birimizi lazımınca tanımadan, vidalaşmadan ayrılmağımıza təəssüf edirdim. – Əcəba, siz Təbrizdən Culfaya qədər və burada etdiyimiz uzun söhbətlər nəticəsində mənim qadınlara nə qədər hörmət bəslədiyimi öyrənmədinizmi? – Bundan sonra mən adamları öyrənməyə çalışmayacağam. Bu tövsiyəni sizdən aldım. Mən uşaqlıqdan bəri öyrənmək istədiyim və öyrəndiyimi zənn etdiyim bir adam haqqında savadsızlığımı ancaq bir həftə bundan əvvəl anladım. Siz deyən kimi, insan əvvəlcə özünü öyrənməlidir. Gözəl qızın bu cümləsində məsələ qismən aydınlaşırdı. O, sevgisindən məhrum olan bir qız kimi danışdı. Mən onun kədərini söndürmək və onu məşğul etmək üçün mövzunu dəyişdirdim və ona sual verdim: – Hazırda özünüzü öyrənirsinizmi? – Yox, öyrənə bilmirəm. Dərs oxumaq, xüsusən həyat dərsini keçmək üçün bir ürək şadlığı da lazımdır. – Öyrənin! Lakin insan bir məqsəd üçün öz-özünü öyrənməlidir. Bu öyrənişdə isə insan, hər şeydən əvvəl, həyat yolunda tikanlar əkən səhvlərin buraxılmamasına çalışmalı, səadətverici vasitələri düzgün təyin etməlidir. Bir çox təsadüflərdə sevgi insanın gözündə və şüurunda korluq və düşünməməzlik yaradır. Xüsusən gözəllik elə bir şeydir ki, insanı öyrənmək işinə əngəl törədir. Onu parçalayıb insan qəlbinə girmək olmur. İnsan özünü öyrəndiyi zaman bu cəhətlərə də diqqət verməlidir. Sevgi elə bir şeydir ki, o, istiqbal sevməz, o bir saat bundan sonranı düşünməz. Sevgi bir ailənin tarixi şərəfini bir anda məhv edə bilər. O, hər şeyi bacarar, o, bir cəllad kimi insanı başqasının əli ilə yox, öz əli ilə də öldürə bilər. Buna görə də gözəl qız özünü öyrəndiyi zaman, hər şeydən əvvəl, öz sevgi hisləri ilə tanış olmalıdır. Mənim gözəl dostum hərgah burada bir səhv buraxmışsa, onu bir daha təkrar etməməlidir. Öz dediyinizə görə iyirmi iki yaşınız vardır. Hələ gec deyildir. Bu sözlərimdən qızın qəlbinin yarası deşildi, gözlərinin bulaqları yavaş-yavaş damcılamağa başladı, o, şiddətlə ağladı, titrək bir səslə: – Siz dediyiniz mənəm! - dedi. – Mənim gözüm və şüurum kordur. Gözəllik mənim insanı öyrənmək işindəki təlaşlarıma ümidsizliklə nəhayət verdi. Mən öyrənmək istədiyim gözəl bir gəncin qəlbinə girə bilmədim. O ağlayırdı, mən isə onun saçlarını sığallayıb sakit etməyə çalışırdım. – Ağlamağa lüzum yoxdur. Bizim hamımız beləyik. Dostluğumuz davam edərsə, bu barədə uzun-uzadı danışarıq. Nə bilirsiniz, bəlkə, sizin qarşınızda duran Əbülhəsənbəy də eyni vəziyyətdədir? Əziz dostum, həyat acı toxumlu şirin meyvələrə bənzəyir. Zəhəri bilərəkdən və bilməyərəkdən içənlər də vardır. Həyatı ölümlə dəyişmək istəyən milyonlarla həvəskar tapa bilərsiniz. Dünyada çırkinliyi üçün bədbəxt olanlar və gözəlliyi səbəbinə fəlakətə düşən— lərin həddi-hesabı yoxdur. Bunları saymaqda məqsədim sizi bədbinliyə düşürmək və gələcəkdən ümidinizi kəsmək deyil. Dünyada elə bir səhv üçün ağlamalısınız ki, onun islahı mümkün olmasın. Böyük bir sərvətiniz əlinizdən çıxmışsa, onun üçün ağlamağınız yersizdir, çünki gənclik və gözəllik, xüsusən tərbiyəli olmaq qadın üçün ən böyük bir zənginlikdir. Gənclik və gözəllik elə bir cavahirdir ki, bütün zənginliklər onunla ələ gətirilir. Siz olduqca gözəl, gənc, təröiyəli bir qızsınız. Ağıllı mühakimələriniz vardır, gözəlliyinizi sizin özünüzə tərif etmək artıqdır. Hərgah özgə bir adamınız ölmüşdürsə, onu da bilirsiniz ki, iki şeyi geri qaytarmaq mümkün deyildir, onun əirisi həyat, o birisi də gənclikdir. Lakin mən sizin ağlamağınıza tanamilə başqa bir məna verirəm. Məncə, siz ilk sevdiyiniz bir adamı tirmişsiniz, bunun üçün də ağlayırsınız. Əziz dostum, hərgah sevdiyiniz zat sizi ataraq başqası ilə yaşayırsa, o barədə ağlamağınız tamamilə yersizdir, çünki həqiqi sevgili o adamdır ki, özünü sevən qızı da sevsin. Madam ki, sizi sevmirmiş, onun üçün ağlamaq lazım deyil. Hərgah siz onunla hədər keçirdiyiniz günlərə acıyırsınızsa, o zaman qismən haqlısınız, çünki bu da bir itki üçün deyil, təhqir olunmaq üçündür. Qız redikülündən dəsmalını çıxarıb gözlərini sildi və stolun üstündəki sudan bir az içərək sözə başladı: – Elədir, mənim peyğəmbəriml - dedi. – Bir alçağı itirdiyim üçün yox, gənc günlərimi itirdiyim və təhqir olunduğum üçün ağlayıram. O məni həm aldatdı, həm də çıxılmaz bir vəziyyətdə buraxdı. Atam Türkiyə cəbhəsindədir. Polkovnikdir. Harada olduğu, ölübqaldığı məlum deyildir. O bizi idarə edirsə də, anamla çoxdan yaşamirdi. O, anamı seryant olduğu zaman almışdı, lakin çara böyük bir xidmət göstərdiyi üçün ona zabitlik rütbəsi verdilər. Böyüdü, daha anamı bəyənmədi, buraxıb başqa bir qadın saxlamağa başladı. Anamın talesizliyindən mənim də payıma düşdü. Çoxdan bəri məni sevən və hələ məktəbdə ikən mənə rahatlıq verməyən bir gəncə söz verdim. O məni, mən onu sevdiyimdən daha artıq sevirdi, gözəl idi, dilli və bacarıqlı idi. Hərbi məktəb qurtarmışdı, İrana göndərilən bir polka kapitan rütbəsi ilə təyin olundu. Getdiyi zaman mənə Oryol şəhərindən iki sətirlik bir məktub yazmışdı. Məktubda: «Mənim həyatım Ksenyal İrandan kağızım gələn kimi yığışıb gələrsən. Ananı da, kiçik bacını da gətir. İmperator ordusunun təzə işğal etdiyi İranı çox yaxşı tərif edirlər), – yazmışdı. Mən onun İrandan yazacağı məktubun intizarını çəkirdim, nəhayət, ay yarım keçəndən sonra Təbrizdən məktubunu aldım. Ünvanını göndərib məni təcili öz yanina çağırmışdı. Mən özüm anamın və bacımın hazırlığını gözləmədim, məktubunu aldıqdan bir gün sonra Təbrizə yola düşdüm, onun ünvanına getdim. Özü evdə yox idi. Müvəqqəti cəbhəyə getmişdi. Məni bir qadın qarşıladı, şeylərimi içəri qoydular, özüm də soyundum, yuyundum, ev xidmətçisindən orada olan və məni qarşılayan qadının kim olduğunu soruşduqda, o: «Ağanın təzə aldığı xanımdır), – dedikdə məni heyrət götürdü. Öz-özümə: Əcəba, bu alçaq evlənmişdisə, nə üçün məni çağırırdı, nə üçün məni və ailəmi Arxangelskdən avara edib buraya gətirirdi? Mən işimi, vəzifəmi, evimi, ailəmi itirib tanımadığım bir ölkəyə düşdümə, – deyə şiddətlə ağladım. Onun təzə arvadı isə mənə təsəlli verdi və iş-işdən keçdiyini söylədi, eyni zamanda bağlı bir paketi də mənə verdi. Həmin alçaq, paketə beş yüz manat pul qoymuşdu. Bu məktubu da yazmışdı: cƏzizim, hörmətli Ksenyal Mən çox düşündükdən sonra birlikdə xoşbəxt ola bilməyəcəyimizi təyin etdim, buna görə də evdə beş yüz manat para buraxdım, onunla yenə də öz yerinizə qayıda bilərsən. Sənin üçün xoşbəxtlik diləyirəm. Xudahafiz. Peratovp. Gecəni orada yatdım, səhər tezdən qalxıb konsulxanaya gedib vəziyyəti anlatdım, konsul Təbrizdə mənə iş verəcəyini vəd etdi. Mehmanxanada mənə yer verdirdi. Nəhayət, dörd gündən sonra anamın Moskvadan teleqramını aldım. Konsulxanadan təcili bir vəsiqə alıb onları istiqbal etmək üçün Culfaya gəldim. Hesabıma görə onlar dünən gəlməli idilər. Lakin gəlib çıxmadılar. Bilmirəm, başlarında nə hadisə vardır. İndi siz özünüz düşünün, hazırda dünyada məndən də bədbəxt bir qız vardırmı?l – Bir çox bədbəxtliklər vardır ki, – dedim, – böyük bir səadətin başlanğıcıdır. Buna siz əmin olun. Sizin konsulxana vasitəsilə iş tapmağınıza gəldikdə, bu barədə Təbrizə qədər danışmağa vaxtımız vardır. Hələlik bütün fikri bir tərəfə buraxıb nahar yeməyinə başlamalıyıq. Qız daha danışmadı, səhərdən bir şey dilinə dəymədiyindən naharı iştahayla yedi və sonra mənə təşəkkür edərək: – İndi siz də rahat olun! – dedi. – Axşam stansiyaya gedəcəyikmi? – Gedərik, heç də düşünməyin, onlar bu gecə gələrlər. Birlikdə Təbrizə gedərik, rahatlığınız üçün də qüvvəm çatınca, imkan daxilində çalışaram. Rus qızı şad bir ürəklə otaqdan çıxıb getdi, mənsə rahat olmaq üçün çarpayıya uzandım. Ancaq rahat ola bilmirdim, qızın haqqında düşünürdüm. €Bu cür qadınlar nə üçün axı mənə rast gəlir? – deyə fikirləşir, öz-özümə gülür və istehza edirdim. – Mən istəməsəydim bununla tanış da olmazdım, avtomobildə məndən başqa da adamlar var idi. Nə üçün də qızı onların öhdəsinə buraxmadım? Qızın öz dediyinə görə atası çar zabitidir, sevib ərə getmək istədiyi və onu təhqır edən adam da zabitdi. Bəs mən nə fikirlə bunu özümə bağladım? Yalnız özü olsa, yenə də dərd yarıdır, özündən başqa iki nəfər də bu axşam gələcəkdir. Əcəba, mən Culfaya çar zabitinin ailəsini təmin etmək üçünmü gəldim? Mən çarpayıda uzandığım zaman bəzən də özümə təskinlik verərək belə düşünürdüm: «Mən amerikalı qız miss Hanna ilə də bu cür tanış oldum. O zaman yenə də mən özümü məzəmmət edirdim, lakin nəticədə amerikalı qızdan azmı istifadə etdik? Qız bizə azmı yaxşılıqlar elədi? Rus qızı Ksenya Pavlovna da gözəl və bacarıqlı bir qızdır. O da Təbrizdə işsiz qalmayacaqdır. O da mənim bu kiçik yaxşılıqlarımı unutmazə. Lakin bu düşüncələr yenə də məni sakit edə bilmirdi, heç bir şey olmasa da, mənim bu üç qadını yanıma salıb Təbrizə aparmağımın özü gülünc bir iş idi. Hələ Məşədi Kazım ağa və Nina da mənə güləcək və başqa cür düşünəcəklərdi. Mən indi özümün qadınlar barəsində zəif olduğuma inanmışdım, onlar məni çox tez ələ ala bilirdilər. Eyni zamanda mən özümün qadınlara olan hörmətimi də xatırlayırdım, çünki bir çoxları təhqir olunmuş və ehtiyac içərisində qalmış qadınlara mənim qədər əhəmiyyət verməz və qeydlərinə qalmazdı. Mən öz dərdini açıb deyən və məndən imdad gözləyən bir qızı köməksiz qoysaydım, onun göz yaşlarını nəzərə almayaraq başımdan rədd etsəydim, nə qədər vicdan əzabı çəkəcəkdiml Çünki o da bir insandır. Onun da şərəfi, onun da mənliyi, onun da başqaları kimi izzət-nəfsi və başqa insanlar kimi arzusu və əməli vardır. Heç şübhəsiz ki, mən bu qıza kömək versəm, heç bir kəsin məni məzəmmət etməyə və üstümə gülməyə ixtiyarı yoxdur. Mənim bu qız haqqında göstərəcəyim hər bir kömək vicdani bir vəzifədir, kömək vermək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq tam mənası ilə insanlıq sifətini itirmək deməkdir. Yerimdə uzanmış ikən insani vəzifələr, bəşəri münasibət, vicdani sövqlər haqqında çox düşündüm. Lakin kömək verəcəyim adamlar çar zabiti ailəsi olduğu üçün özümə başqa suallar da verirdim: Məgər çar zabiti ailəsinə insani vəzifələr, bəşəri münasibətlər, vicdani sövqlər şəraiti daxilində kömək vermək və onları təmin etmək doğru bir hərəkətdirmi? Mübarizə apardığımız bir hökumət məmurunun ailəsinə qarşı mərhəmət göstərmək axmaqlıq və sinfi düşüncə zəifliyi deyildirmi? Bunun üçün bir firqə və bir qrupdan məzəmmət almasam belə, vicdan məzəmməti mənim üçün kifayət etməzmi? Hərgah bu kömək bir qızın göz yaşları ilə və köməksizliklə əlaqədar idisə, həmin bu qızın atası azmı göz yaşları görmüşdür? Bunlar möhtaclara kömək vermək əvəzində minlərlə ailələri ehtiyac içərisində qoyanlar deyildirmi?bə Müxtəsər, yenə də nə qədər düşündümsə, bu suallara müsbət bir don geyindirməyi bacarmadım. Köməksiz qıza kömək etməməyi insafıma sığışdıra bilmirdim. Öz səhvimi düzəltmək üçün də imkan yox idi, çünki qıza söz verib: «Əlimdən gələn qədər kömək edərəmə,, – demişdim. Lakin bu birinci və əsas səhv deyildi, əsas səhvi Təbrizdən Culfaya gəldiyimiz zaman buraxmışdım, o zaman salam verib. salam almaqla kifayətlənsəydim, şübhəsiz ki, qız öz dərdlərini də mənə deyə bilməz və məni bu çıxılmaz vəziyyətdə qoymazdı. Mən bunları düşündüyüm zaman belə bir qərara gəlirdim: umumiyyətlə, kişilər gözəl və gənc qadınlarla yol yoldaşı olduğu və yainki bir məclisdə oturduğu zaman özlərini ağıllı göstərməyə və bir ciilosofə kimi tanıtmağa çalışırlar. Yalnız mən belə deyildim, bir çoxlarını da qadınlara «həyat fəlsəfəsi və təbiət hadisələri barəsində uzun-uzadı danışanda görmüşəm. Gözəl qadın görürkən €filosofə kişilərin olmasının səbəbini anlaya bilmirdim. Qadınların özü də bəzən kişilərin belə hərəkət etmələrinə haqq qazandırırlar. Onlar da rus qızının mənə c€Elədir, mənim peyğəmbərimlə dediyi kimi, fəlsəfədən, təbiətdən və ədəbiyyatdan dəm vuran kişilərə cpeyğəmbənə ləqəbi verirlər. Axşam saat 10-a qədər məni yuxu aparmadı, başım ağırlaşdı. Nəhayət, qızla bərabər stansiyaya getmək lazım gəldiyini xatırlayib qalxdım, yuyundum, geyindim, qızla bərabər stansiyaya getmək üçün otağımdan çıxdım. Qızın da çoxdan bəri məni gözlədiyini gördüm. O: – Dincələ bildinizmi? – deyə soruşduqda mən: – Bəli, bir az. Siz də dincələ bildinizmi? – Mən, fəqət sizin himayənizə əmin olduğum üçün dincələ bildim, lakin bilmirəm onlar gələcəkdirmi? – İndi dəmiryollarında sərnişin qatarlarına çox az yer verilir, qatarların hamısı qoşun və hərbi ləvazimat daşıyır, kim bilir, bəlkə də, öz təlaşları və bacarıqları nəticəsində gələ bildilər. – Heç bilmirəm onlar gəlməsə mən nə edəcəyəm? – Çöldə deyilsiniz ki? Bu gün gəlməzlərsə, bir gün sonra gələrlər. – Artıq qalmaq imkanım yoxdur. Özünüz bilirsiniz ki, o alçaq məni çıxılmaz vəziyyətdə qoymuşdur. Şeylərimi satıb getmək məcburiyyətində qalacağam. – O barədə düşünməyin, heç bir şeyimiz olmasa da, paramız vardır, sizin Təbrizə getməyinizə hər cür kömək edərəm. Fayton çağırtdırdım, oturub stansiyaya yola düşdük. O öz şadlığını heç bir vəchlə gizlədə bilmirdi, əlimi tez-tez sıxır və razılıq edirdi. Qatarın gəlməsinə çox qalırdı. Salonda oturduq, ikimiz də rahat olduqdan sonra çay sifariş verdim. Qırx dəqiqəyə qədər olan söhbətimiz yenə də gündüzkü söhbətlərin davamından ibarət idi. İndi də qız hadisə və təsadüflərdən başlamışdı: onların nə kimi bir xarici qüvvə ilə əlaqədar olduğunu isbat etməyə çalışırdı. Nəsib, qismət və taleyin müəyyən adarrlara məxsus olduğunu qeyd edirdi. O, insanların doğulmazdan əvvəl taleyinin müəyyənləşdiyini, hər kəs üçün xüsusi hadisələr yaradıldığı və hər insanın özünəməxsus bir taleyi olduğu fikrini başıma soxmaq istəyirdi. Qız sevgilisinin onu atmasının da bir xoşbəxtlik hesab etməyə başlamışdı, çünki sevgilisi onu atmasaydı, o heç vaxt mənə təsadüf edə bilməyəcək və mənim dostluğum nəticəsində xoşbəxt ola bilməyəcəkmişl Onun sevincindən yanaqları qıpqırmızı qızarmışdı, heç bir şey düşünməyirdi, o, fəqət mənimlə birlikdə oturub çay içdiyi dəqiqələri görə bilirdi. Mən rus qızını çox diqqətlə dinləyir və bununla Ninanın və amerikalı qızın xasiyyətini müqayisə edirdim. Bu tamamilə başqa bir xasiyyət sahibi idi. Bu heç bir vaxt sabahı düşünməyirdi, sadəcə olaraq təsadüfi dəqiqələrin davamına inanırdı. Bununla Nina və amerikalı qızın xasiyyətləri arasında olan fərqlərdən birisi də özünün bir kişiyə gözəl və gənc bir qız kimi yox, sadə bir insan kimi yanaşması və özünü sevdirmək üçün zövqoyandırıcı söhbətlərə imkan verməməsi idi. Buna görə də mən özüm də Nina və amerikalı qızla birinci kərə tanış olduğum vaxt danışdığım mövzuları bu qız ilə danışmayırdım. Mən indi yəqin edirdim ki, qadınlara eşq elan etmək üçün lazım olan mövzuları qadınların özləri verirlər. Məsələn, mən birinci kərə Ninaya «gözəl qız? dediyim zaman o bu sözümün həqiqi olub-olmamasını yoxlamaq üçün uzun-uzadı mövzular meydana ataraq, o sözü bir daha mənə təkrar etdirmək istəmişdi. Təbiidir ki, burası da qadın üçün bir növ nöqsan hesab edilə bilməzdi, qadının öz gözəlliyini qiymətləndirməsi təbii hallardan birisidir. Təzə tanışım öz gözəlliyini və təbiətin ona verdiyi zənginliyi qiymətləndirə bilmirdi. Ona elə gəlirdi ki, əvvəlki sevgilisi bir qadın olaraq dəyərsizliyi səbəbinə onu başqa bir gözəl qadınla əvəz etmişdir, çünki o, hələ kişilərin müxtəlif və dəlicəsinə zövqləri ilə tanış deyildi. Gənc rus qızı kişilərin bəzən gözəl və namuslu qadınlardan ayrılıb pozğun bir qadınla yaşadığını görməmişdi. Ksenya şüur korluğunun kişilərdə qadınlardan daha artıq oldugunu təyin etmiş olsaydı, şübhəsiz ki, ərinin ondan ayrılmasını özünün dəyərsizliyi kimi qiymətləndirməzdi. Buna görə də qız ərindən ayrıldığını mənə anlatdığı zaman ona deyirdim: – O yenə də sizə qayıdacaqdır, hərgah bu ayrılığa sizin özünüz səbəb olmamışsınızsa, onun şərəfinə toxunacaq bir hərəkət göstərməmişsinizsə, o yenə də sizin yanınıza dönəcəkdir, çünki kişiləri ovlamaq çox asandır. Bəzən ən iradəli, möhkəm və vüqarlı bir kişini ən pozğun bir qadın ovlaya bilir. Burası kişilərin zəif tərəfidir, birbirindən az fərqli olaraq qadın düşkünü olmayan kişi yoxdur. Ancaq kişilərlə qadınlar arasında böyük bir fərq də bundan ibarətdir ki, kişilər yanlış yoldan çox tez qayıda bilərlər. Bunları söyləməkdə məqsədim sizə bir şeyi anlatmaqdır. Özgə cür düşünməyin, hələlik konsulun sizə vədə verdiyi vəzifə üçün də tələsməyin, sevgiliniz sizin yanınıza dönə biləcəyi üçün mövcud olan imkanları müdafiə edin! Əziz dostum, həyatımızı əvvəldən belə qurublar. Kişilər öz üzərlərindəki əxlaq ləkələrini çox çətin görə bilirlər, çünki onlar ancaq qadınlarda ləkə aramaqla məşğuldurlar. Mən bu sözlərlə qızın qəlbini əvvəlki mərkəzinə qaytarmışdım. O. ərinin özünə gələcəyi və yaşca özündən böyük olan qadından əl çəkəcəyinə inanırdı. Qız başını qaldırıb gözlərimə diqqətlə baxdı və sual verdi: – Bəs bu hadisələrdən aldığım təhqirlər necə olsun? – dedikdə mən güldüm və: – Ailə həyatının müsbət tərəflərindən birisi də təhqirləri yumaq və onun zəhərini ürəklərdən təmizləməkdən ibarətdir, – dedim. – Mən zənn edirəm ki, qadınlar çox tez unudar və tez barışar. Bu bir nöqsan hesab edilsə də, mən qadınların bu xasiyyətini sevirəm. Hərgah qadınlarda bu xasiyyət olmasaydı, kişilərin qabalığı qarşısında heç bir ailə həyatı düzələ bilməzdi. Zəng vuruldu, söhbətimiz burada bitdi, çayların pulunu verib salondan bayıra çıxdıq. On dəqiqəyə qədər dolaşdıqdan sonra qatar Culfa burnundan fitini buraxdı, iki dəqiqə keçdi, parovoz dərindən köksünü ötürüb dayandı. Rus qızının gözləri bir anda vaqonları gəzdi, bir dəqiqədən sonra üçüncü sinifli vaqondan aşağı düşən bir qadın və gənc bir qızla öpüşüb görüşdü. Qadın ətrafa göz gəzdirib Ksenyadan soruşdu: – Bəs Yefim hanı? – Yefim yoxdur. Sizi qarşılamaq üçün özüm gəlmişəm. – Qız bunu deyərək məni göstərdi: – Tanış olun! Mənim yol yoldaşımdır. Bizim hamımız buna minrətdarıq. Əvvəlcə qadın, sonra gənc qız əlimi sıxdı, lakin qadın öz adını və atasının adını demədiyi üçün mən də öz familiyamı demədim. Adam çağırdım, onların şeylərini faytona yığdırdım, özüm də onlarla bərabər «Fransa» otelinə gəldim. Onların hamısı qızın otağında yerləşdilər, mən də öz otağıma girib yuyundum, libasımı dəyişdim, çünki şam yeməyinə getmək lazım gəlirdi. Lakin Qriqor ağa gəlib restoranda şam yeməyini məsləhət görmədi, çünki bir neçə saat bundan əvvəl gələn soldat eşelonunun zabitləri restoranda içib keflənmişdilər. Mənim otağım böyük idi, orada stol qoymaq mümkün idi. Belə də etdik. Bu barədə qıza da məlumat verdim, hələ şam yeməyi hazır olmadan iki qız, bir də anası qapını vurub içəri girdilər. Qızların anası hamıdan əvvəl: – Mən şam yeməyinə gəlməklə bərabər, həm də sizdən üzr istəməyə gəlmişəm, – dedi, – doğrusu, stansiyada üzü qara olmuş kürəkənimizi görmədiyimdən özümü o dərəcədə şaşırdım ki, sizinlə tanış olduğum zaman, məndən heç gözlənmədiyi halda, bir etinasızlıq baş verdi. Buna görə də üzr istəyirəm və sizin dübarə əlinizi sıxıram. Qadın bunu deyərək əlini uzatdı: – Yelena Konstantinovna, – dedi. Mən də onun əlini sıxarkən ad və familiyamı dedim. Sonra kiçik qız irəli gəlib: – Silva Pavlovna, – deyərək əlimi sıxdı. Şam süfrəyə verilmədiyinə baxmayaraq, stolun ətrafında oturdular, çünki buradan başqa boş yer yox idi. Qadın çox utanırdı, şübhəsiz ki, bu qadın mənimlə stansiyada birinci görüşdə özünü «məndən bir avropalı və məni «yeni azyabə hesab edərək, ad və familiyasını deməyə tənəzzül etməmişdi. O, oturduqdan sonra məni başımdan ayağıma qədər gözdən keçirib dedi: – Ksenya sizin haqqınızda o qədər müsbət sifətlər saymışdır ki, mən onun son günlər düşdüyü bədbəxtliyi tamamilə unutmuşdum. Siz öz rəftarınızla mədəni bir avropalıdan geri qalmayacağınızı göstərmişsiniz. Mən qadının avropalı və asiyalı haqqında başladığı mövzuda danışmaq istəmədim. Bu söhbət uzun çəkə bilərdi, Bununla biz siyasi məsələlərə də gedib çıxa bilərdik. Mən bununla maraqlanmayırdım, çünki tanış olduğum bu ailənin siması mənim üçün bəlli deyildi. Bu qadının ərindən ayrılması da insanın qarşısında bəzi suallar qoyurdu. Qadın həm kiçik, həm də böyük qızından bir neçə qat gözəl idi. Öz dediyinə görə qırx iki yaşı olan bu qadın insana gənc bir qız təsiri bagışlayırdı. Mənim zənnimə görə, bir kişi nə qədər qadın düşkünü, əxlaqsız və pozğun olursa-olsun, bu cür gözəl bir qadını əsaslı bir səbə» olmadan buraxmazdı. Onun qızının öz əri tərəfindən başqa bir qadınla əvəz edilməsi də əsaslı bir səbəbə bağlıdır, – deyə düşünürdüm. Şam yeməyini verdilər, yemək zamanı yenə də mən süfrə başındakılara baxır və təbiətin onlara bağışladığı zahiri gözəlliyə heyran qalırdım, xüsusən, qızların anası fövqəladə bir gözəlliyə malik idi, onun bütün varlığından məsumluq tökülürdü. «Bu səfərimdə Təbrizin qadın düşkünləri üçün indiyə qədər təsadüf edə bilmədikləri gözəllər aparıram – deyə qəlbimdə özözümə gülürdüm. Lakin bu ailənin tamamilə qadın olduqları, özlərini köməksiz və yardımsız hiss etdikləri mənim onlara bir çar zabiti ailəsi kimi baxmamağıma səbəb olurdu. Mən elə zənn edirdim ki, bunlara kömək vermək nəticəsində nə başqaları, nə də öz vicdanım məni töhmətləndirməyə haqlı deyildi. Onsuz da çar zabitləri bunları atmış və taleyin ixtiyarına buraxmışdı. Bu səbəbdən də mən onların əxlaq pozğunlarının əlinə düşmələrinə imkan verməməyi qərara aldım. Qadın məndən soruşdu: – Siz nə vaxt Təbrizə qayıtmaq istəyirsiniz? – Mənim burada işim qurtarmışdır. Sabah gedə bilərəm. – Nə məsləhət görürsünüz, buradan Rusiyayamı qayıdaq, Təbrizəmi gedək? – Vəziyyətiniz mənim üçün aydın deyildir. Əlinizdə bu iki səfərin barəsində nə kimi imkanlar olduğunu bilmirəm. – Səfərlərin hər ikisi barəsində əlimizdə imkan yoxdur. Arxangelskdə evimizi dağıtdıq, satanı satdıq, qalan şeyləri də gətirmişəm. Mənzilimiz əldən çıxmışdır, qabaqdan da qış gəlir. Birtəhər ora gedib çıxa bilsək belə, yaşamağımız mümkün olmayacaqdır. Təbrizdəki vəziyyətimiz isə sizin üçün aydındır. Şəhər Şərq şəhəridir, tanışımız yoxdur, bizim üçün iş də tapılmaz. Bilmirəm konsul Ksenyaya nə kimi vəzifə verə bilər? – Bu barədə qəti bir söz deyə bilmərəm. İmkan məsələsinə gəldikdə, Təbrizə getmək Arxangelskə dönməkdən məsləhətdir, çünki ora çox yaxındır. Sizin əriniz və qızınızın əri də İrandadır, bəlkə də, onlarla barışar və xoşbəxt yaşaya bilərsiniz. Qadın başına hərəkət verərək dedi: – O mümkün deyil. Mənərimlə heç bir vaxt barışa bilmərəm, Onu görəsi gözüm yoxdur, çünki nə görməli üzü, nə də qəbul etməli əqidəsi vardır. Biz bir-birimizi sevə bilmərik, çünki onunla olan ailə əlaqəmiz dəhşətli bir faciə nəticəsində qırılmışdır. Bəlkə də, tanışlığımız davam edərsə, ərimin nə kimi bir şəxsiyyət olduğu haqqında sizə danışaram. Ksenyanın qəlbi sınmasın, mən onun Yefimdən ayrılmasına da sevinirəm, çünki Yefim də mənim ərimin sevdiyi bir adamdır. Qızların hər ikisi oturub baxırdı, mən kiçik qıza sual verdim: – Silva xanım bu səfərlərin hansı birisini sevir? Qız başını qaldırıb utana-utana üzümə baxdı və yavaşdan dedi: – Ailəmizin yaşayış proqramı pozulmuşdur. Buna görə də səfərlərin hər ikisi eyni şeydir. Biz hara gedərsək, ehtiyac da bizim önümüzcə gedəcəkdir. Mən onlara təsəlli verərək, dedim: – Sizi heç bir ehtiyac qorxutmamalıdır. Ehtiyac ağır olsa da, onun meyvəsi olduqca dadlıdır, çünki elm və sənəti insanların ehtiyacı doğurmuşdur. İnsan bir şeyə ehtiyac hiss etmədən onu əldə etmək üçün çalışmaq istəməz. Mən sizin ailənizin hər cəhətcə bilikli və tərbiyəli ailə olduğunu görürəm, buna görə də sizin üçün ehtiyacın kədərli donunu yırtmaq çox da çətin olmaz. Mən sizin rahatlığınızı təmin edərəm, İranda rus dili öyrənmək həvəsində olanlar çoxdur. Sizin mənziliniz olduqda elan verərsiniz, bir çoxları rus dili təhsili üçün yanınıza gələr. Buna mən söz verirəm. Qadın razı qaldı. Yenə də məndən soruşdu: – Biz nə vasitə ilə Təbrizə gedə biləcəyik? – Sabah Təbrizdən avtomobil müsafir gətirəcəkdir. Qriqor ağaya tapşırmışam, o, avtomobilin başqa müsafir götürməməsinə çalışacaqdır. Zənn edirəm ki, sabah yola düşə biləcəyik. Yemək bitmişdi, kiçik qız gözlərini açmaqda çox çətinlik çəkirdi, çünki qadının dediyinə görə o neçə gündən bəri yuxusuz idi. kkok Culfadan qayıdıb Təbrizə gəldiyim zaman axşam idi. Maşını mehmanxananın qabağında saxladılar, çünki rus qadını ilə qızları mehmanxanada mənzil edəcəkdilər. Bu halda Arşak da gəlib çıxdı, məni maşında gördü, onu yanıma çağırdım, görüşdük, eyni zamanda rus qadınlarının təmin olunması işini də ona tapşırmışdım. Arşak mənim teleqramımı almadığını və mehmanxanaya təsadüfi gəldiyini danışdı. Mən qonaqları ona tapşırdım: – Bunların simaları hələlik bəlli deyildir. Lakin mənim qonaqlarımdır. Onları mehmanxanaçıya tapşırarsan, hər bir xərcləri mənim öhdəmədir. Məşədi Kazım ağaya da tapşıracağam. cErmənistanpda onlar üçün mənzil hazırlasın, onlar toxunulmaz və rahat yaşamalıdırlar. Eşitdin ki?.. – Anladım. O barədə nigaran qalma. Nə vaxt görüşək? – Lazımlı söhbətlərin var? – Vardır! – Axşam saat 10-da gələ bilərsənmi? – Gələrəm. Bunları yerbəyer edənə qədər saat on olar. – Eybi yoxdur. Bu da lazımdır. Ancaq Ninanın yanında ağzından bir söz qaçırmamalısanl Arşak bu sözümdən əlini əlinə çalıb güldü. Mən də güldüm. Rus qadınları bundan şübhələnməsin deyə onlara Arşakın və mənim gülməyimiz barəsində izahat verərək dedim: – Bu adam mənim ticarət yoldaşımdır. Sizin kim olduğunuzu soruşduqda mən «bacım və bacı qızlarımdım dedim. O inanmadı və dedi ki, görünür anan səni atan səfərdə olanda doğmuşdur, çünki sən heç də bacına oxşamırsan. Bunun üçün də güldük. Bu sözümdən qadın da, qızları da güldü. Sonra da mən vidalaşıb ayrılarkən qadın tələsik soruşdu: – Bizi tamamilə unudursunuzmu? – Xeyr! Sizi unutmayacağam. Bu ağaya sizi tapşırdım, bütün məsarifiniz mənim öhdəmədir. Sizin üçün mənzil də tapacaqdır. Hər barədən əmin ola bilərsiniz. Özüm də görüşünüzə gələcəyəm, – deyərək ayrıldım. Evə gəldikdə hava qaranlıqlaşmışdı. Məni Nina, Məcid, Məşədi Kazım ağa və Ələkbər yoldaş dəhlizdə qarşıladı. Bunların hamısı ilə bir-bir görüşdük. Yuyunub libasımı dəyişdim, çay otağına keçdim. Qabaqca yorğunluğumu unutmaq üçün Məşədi Kazım ağaya sual verdim: – Məşədinin kefi necədir? O, həmişəki adəti üzrə boynunu çiyninə qoydu və əllərini birbirinə sürtməyə başladı: – Allah yoldaşın kölgəsini bizim başımızın üstündən əskik etməsin, – dedi. – Nə üçün, işimiz yaman deyil. Yoldaşın vasitəsilə konsulxanadan götürdüyüm işlərdən beş-altı şayı çörək pulu çıxırdı. Mən gülərək bir daha sual verdim: – Məşədi Kazım ağa, burası bir az örtülü oldu, necə yəni beşaltı şayı?l Beş-altı şayı ilə sən ki, razı olmazsan. Burasını bir az açıq deyə bilməzsənmi? Sənin əlindən alan yoxdur ki?.. Məşədi Kazım ağa başını bir neçə kərə o tərəf-bu tərəfə çevirdi, özünəməxsus süni və amansızcasına güldü və əllərini daraqlayıb dedi: – Hə da... beş-altı şayı çıxırdı, xərcləri ödəyə bilir... Əlhəmdülillah, inqilabımızın bərəkətindən namərdə möhtac döyülük, hərdənbir Nina xanımın və gəlinlərin məsarifi üçün sandığa da beş-altı yüz tümən qoya bilirəm. – Demək ki, işiniz sazdır? – Sazdır dedin qurtardı?l Amma bu işə əlli qurd göz dikibdir. Qorxuram ki, bir gün əlimi boşda qoysunlar. Siz öləsiniz, belə bir iş olsa, bağrım çatlar. Külfət başlı-başına qalar. – Qorxmayın, elə iş olmaz. Nə qədər ki, mən Təbrizdəyəm həmin işi heç bir kəs sənin əlindən ala bilməz. – Allah inqilabı bizə çox görməsin. Məni adam edib adamlar içərisinə çıxardı. Bilirsinizmi... mən inqilabçı olduğum üçün nə qədər şadlanıraml Uşaqlarım və Nina xanımın canı üçün, həqiqi inqilabçıyam. Məşədi Kazım ağa elə düşünürdü ki, çar hökumətinin xəzinəsindən çıxan para çarın ata-babasından qalan xüsusi pulların hesabınadır. O, bütün pulların Rusiya kəndlisi və Rusiya fəhləsinin qabırğasından və alın tərindən çıxdığını bilmirdi. Lakin bununla bərabər, bu qazancın Məşədi Kazım ağanın əlində olması, başqalarının əlində olmasından məsləhət idi, çünki Məşədi Kazım qazancının az faizini də olsa, inqilab yolunda xərcləyirdi. Gecə keçirdi. Yedik, içdik. Yatmaq üçün Nina öz Məcidinin otağına getdi, Məşədi Kazım ağa da xudahafizləşib qalxdı. Ələkbər yoldaşla mən oturub Arşakı gözləyirdik. Onunla Andranik paşanın Təbriz ermənilərindən könüllü yığmaq məsələsini müzakirə edəcəkdik. * * * Gözlənməyən nəticə Öz vəhşiliyi ilə tanınan Andranik paşanın nümayəndələri bir neçə gündü ki, yerli ermənilərdən könüllü yığmaq üçün Təbrizə gəlmişdi. Safraziyan və onun kürəkəni Hayk Təbrizdəki daşnakların iclasını çağırıb onlarla razılaşmışdı. Onlar artıq öz xəyanətlərinə başlamış və erməni yoxsullarını bu «müqəddəsə yola dəvət etmişdi. Könüllü yazılanlar və daşnak partiyasının tələsinə düşənlər çox idi. Neçə gündü ki, çar hökumətinin yaratdığı uçurumlara düşmək istəyən və kor-koranə könüllü yazılan erməni gəncləri, daşnak çşairələri və daşnak cbəstəkarəları tərəfindən bəstələnmiş milli şərqiləri oxuya-oxuya Təbriz küçələrini dolaşırdı. Bu vəziyyət Təbriz müsəlmanları və xüsusilə müsəlman millətçiləri içərisində çox fəna təsir bağışlamışdı. Təbrizdəki çar konsulxanası isə bundan xeyli məmnun idi. Konsulxananın avtomaşını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxılmışdı. Daşnaklar avtomobildə gəzir və küçələrdə milli şərqi oxuyan və ermənilərin milli duyğusunu coşduran dəstələri idarə edirdilər. Daşnak partiyasına mənsub tacirlər, bir neçə də nüfuzsuz erməni ruhaniləri konsulxana ilə sıx əlaqə saxlayaraq, oradan gündəlik işlər üçün göstərişlər alırdı. Çar konsulxanasının bu təşəbbüsü köhnə Üçkilsə səltənətinin bərpası və erməni xalqının azadlığı boyası ilə bəzənib aralığa çıxdığına və qəhrəman Nersesin yolunu davam etdirdiyi iddialarına baxmayaraq, yerli ermənilər, hətta tacirlər və yoxsul ailələr də bu təşəbbüsdən razı deyildilər. Onlar ermənilərin bu xəyanətdə iştirak etməsinə qarşı açıq-açığına çıxmağı bacarmırdılar, çünki mauzerçilər bir qatil, bir Əzrail kimi gündə neçə kərə onların gözlərinə görünürdü. Təbrizdə yaşayan minlərlə ailə, Andranik paşanın könüllü yazı!maq barəsindəki dəvətnaməsini bir ölüm xəbəri kimi qarşıladı. Lakin daşnak partiyası da öz növbəsində bu işləri hiss edərək, ətrafdan gələn daşnaklara əlavə olaraq bir para xuliqanları da silahlandırmışdı. Onlar bir çoxlarını tapança gücü ilə könüllü yığan komisyona gətirir və adını yazdırırdılar. Biz bu hərəkətin qabağını almaq üçün erməni inqilabçılarının iclasını çağırmışdıq. İclasda erməni tacirlərinin və bu hərəkətə qoşulmayan erməni ruhanilərinin ümumi yığıncağını çağırmaq və onunla məsləhətləşməyi qərara almaq istərkən buna Arşak Surenyans etiraz edərək: – Bu iş heç də fayda verməzi - dedi. Mən: – Nə üçün? - deyə soruşdum. – Bizə inqilab illərindən aldığımız dərslər bir çox həqiqətləri göstərmişdir. Biz o zaman gördük ki, quru məsləhət inqilabı müdafiə edə bilmədi, məsləhəti həyata keçirmək üçün silah və güc də lazımdır. Biz beş nəfər taciri və ruhanini yığmaqla əlli ildən bəri terror və xəyanətlə məşğul olan daşnakların qarşısına çıxa bilərikmi? Bu sözdən sonra mən Arşaka sual verdim: – Arşak yoldaş, nə təklif edirsən? – Mən təklif edirəm ki, əvvəlcə bu iclasda intibahnamə və erməni xalqına buraxılacaq müraciətnamə məsələsini tamamilə kənara ataq, çünki biz onunla daşnakları ayıq salarıq və qızışdıra bilərik. Onlar öz işlərini daha da möhkəm tutmağa çalışarlar. – Bəs nə etmək? Oturub əlimizi əlimizin üstünə qoyub tamaşaçımı olaq? – Yox, yoldaş! – dedi. – Biz heç vaxt tamaşaçı olmamışıq. Mənim dediyim odur ki, düşməni qəfildən yaxalayaq. Mən belə məsləhət görürəm: əvvəlcə bu işdə iştirak edən daşnakların və erməni xalqına terror gücü göstərənlərin siyahısını əldə edək və onlarla tək-tək və kütləvi surətdə mübarizə aparaq. Mən Aşşakın fikrindən təzə ruh və təzə bir duyğu aldım və adətim üzrə: – Erməni oğlu erməni! – dedim. – Sən daşnakların çar konsulxanası və İran valisi Hacı Səməd xan tərəfindən müdafiə olunduğunu bilirsənmi? Arşak əlini şappıltı ilə çiynimə vurub: – Qoy müdafiə eləsinlər, – dedi, – gündüzləri məmləkəti idarə etsinlər. gecələri isə hökumət bizim əlimizdədir. Bizim düzəltdiyimiz düvvə ilə yalnız Təbriz daşnakları yox, Andranik paşanın özü də bacara bilməz, çünki onlar bizi görmür, biz isə onları görürük. Bizdə silah da var, canlı qüvvə də var. Onlar yalnız beş-on nəfər xu- İiqana arxalanırlarsa, biz yalnız inqilaba sadiq olan erməni gənclərinə yox, bütün inqilabçılara arxalanırıq. Bizə gürcülər, müsəl— manlar, inqilabçı ruslar və başqaları da kömək edər. İndi de görüm, əziz yoldaş, mən dediyim yaxşıdır, yainki sizin müraciətnamələriniz və məsləhətləriniz? Mən heç təxir etmədən və başqalarının fikrini gözləmədən çox cəsarətlə: – Arşakın fikrinə şərik oluram, – dedim. – İndisə mənə səlahiyyət verin. Necə ki, bilirəm elə də işə başlayım. – Yox, yoldaş Arşak, öz planını düzəltməlisən, o plana görə də biz işə başlamalıyıq. Doğrusu, sən bir az baş aparansan. Arşak bu təklifə razı oldu. İclas da bu qərarı qəbul etdi. Doğrudan da, daşnakların çar konsulu və Hacı Səməd xana arxalandıqlarına baxmayaraq, bizim sərəncamımızda olan qüvvə ilə mübarizə apara bilməzdilər. Əlimizdə bir orduya çatacaq qədər silah var idi. Təbriz inqilabı zamanında təcrübə görmüş, Səttar xandan dərs almış yüzlərlə igid və qəhrəman erməni gəncləri bizim cərgəmizdə idi. Onlar Təbrizdəki müsəlman gəncləri ilə bərabər, bu günə qədər öz silahlarını yerə qoymamışdılar. Səttar xan dövründə birinci cərgədə vuruşan erməni inqilabçılarının hamısı Andranik paşanın əleyhinə idi. Daşnaklar bunların hamisinı bilirdi. Onların arxalandığı ancaq çar konsulu və onun nökəri olan Hacı Səməd xandan ibarət idi. Buna görə də onlar bizim dəyərli bir çıxış edə biləcəyimizə inanmayıb arxayın hərəkət edirdilər. * * * Könüllü yazmaq məntəqəsinə adamlar təyin etmişdik. Aldığımız məlumata görə birinci gün daşnakların səyi və təlaşına baxmayaraq, ancaq on bir nəfər könüllü yazılmışdı ki, bunların da ikisi asori idi. Daşnak təbliğatçılara isə on bir nəfər gəncə yüz nəfər də könüllü yazılmamış adamları qoşub şəhərdə gəzdirir və könüllü toplanışının müvəffəqiyyət qazandığını göstərmək istəyirdi. Bu nümayiş yazılmayanları tərğib etmək və yazılanların başını qatmaq üçün idi, çünki daşnaklar işə başlamadan əvvəl əks-təbliğatdan qorxurdular. Yazılanları nə gecə, nə də gündüz gözdən kənara buraxmırdılar. Onları gecə ikən Xoy şəhərinə, Andranikin qərargahına göndərmək istəyirdilər. Bu gecə daşnak partiyasının köhnə üzvləri könüllü yazılanlar üçün bir vida ziyafəti hazırlamışdı. Ziyafət Sona bacının mehmanxanasında düzəldilmişdi, çünki Təbrizdə bundan da oynaq kef yeri yox idi. Otaq dolu idi, boş kürsü yox idi. Bir stolun başında dörd nəfər əvəzinə səkkiz nəfər yerləşmişdi, öz pulu ilə kef edən və ziyafətə dəvət edilənlər bir-birinin qucağında oturmuşdu. Piyalələr yenicə doldurulmuşdu. Sona bacının sifarişi üzrə Rusiya və Qafqazdan Təbrizə gəlmiş gözəl qızların hərəsi bir daşnakın nazını çəkirdi. Piyalə və məzələrin hərəsini bir gözəl qız hazırlayırdı. Çalğıçılar ancaq şərab və kefcil qadın məclislərinə məxsus mahnıları çalırdı. Andranik paşanın sağlığına qaldırılan piyalə 1I Nikolayın sağlığına qaldırılan piyalədən qabağa düşmüşdü. Haradansa Sona bacı Andranik paşanın böyüdülmüş şəklini taparaq kağız güllərlə bəzəyib, mehmanxana otağının yuxarı başında divara vurmuşdu. Yerli sərxoşlardan Abbas xan Bəngi, Lilavalı Haşım ağa, Molla Zeynəb oğlu Hüseynbala, qatırçı nəvəsi Teymur ağa da bucaqdakı stolda oturub araq butulkasını təzəcə açmışdılar. Bunlar Sona bacının həm varlı, həm də nüfuzlu müştəriləri idi, çünki Lilavalı Haşım ağa ilə qatırçı nəvəsi Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurub-yıxan cavanlardan idi. Buna görə də Sona bacı bunların yanını boş qoymaq istəmədi. Qızların ən gözəlini seçib Abbas bəy Bənginin stoluna göndərdi. Meyxanada yerli müsəlmanlardan ancaq dörd nəfər olduğu üçün daşnakların hamısı onlara hörmət edir və onları razı salmağa çalışırdı. Zatən Təbriz erməniləri ilə Təbriz müsəlmanları dinçi olduqlarına baxmayaraq, bir-birlərinə olduqca mehribandılar. Burada da eyni mehribanlıq davam edirdi: tez-tez Abbas xan Bənginin stolundakıların sağlığına içilirdi. Sərkis Turacyan ziyafətin başçısı və müəssisi olduğundan piyaləsini qaldırıb üzünü məclisə tutaraq deyirdi: – Ağalar) Biz gərək bugünkü şad ziyafətimizə, şad və qəmli günlərdə bir-birimizdən ayrılmadığımız müsəlman dostlarımızı da çağıra idik. Bu bizim səhvimizdir. Bizim bu səhvimizi düzəltmək üçün cənab Abbas xan və bizim möhtərəm dostumuz Haşım ağa, Hüseynoala və Teymur ağa cənablarının özləri bizim kef məclisimizə gəibdir. onlar bu şad gündə də bizdən ayrılmaq istəməmişlər. Mən bu viyaləni bizim əziz qonşularımızın şərəfinə qaldırıraml.. Bir çoxları uzaqdan, bir çoxları da yaxından Abbas xanın stolundaoların şərəfinə içirdi. Daşnakların stollarından cürbəcür səslər eşidilirdi: Müsəlmanlara bizim canımız qurbandır! – Yaxşı igidlərə canımız qurban! Ölənə kimi varıq! – Allah qonşularımızı bizə çox görməsin! Teymur ağanı öz anamın doğma oğlu kimi sevirəm. – Haşım ağa ilə bizi kim ayıra bilər?l Bu səslərin içərisində Səttar xan və Bağır xanın, Hüseyn Bağbanın və sairələrinin də adı çəkilirdi. Lakin Sərkis Turacyanın işarəsilə bu cür səslər çox tez aradan çıxdı. Abbas xanın təbi gəlmişdi. O, yanında oturan qıza sual verdi: – Xanımın ismi-şərifi nədir? Qız bu sözü eşidən kimi başqa cür düşündü, azərbaycanca danışdığına baxmayaraq, Abbas xanın nə dediyini anlamadı, buna görə də boynundakı şarfı açıb: – Doğrudur, bu istidə şarf nədir? – deyə dizinin üstünə qoydu. Haşım ağa qızın onu anlamadağını hiss etdiyi üçün izahat verdi: – Cənab xan buyurur ki, xanımın adı nədir? Qız utana-utana gülərək: – Hə, bağışlayınız, baş tapmadım. Adım Süsəndir, – dedi və başındakı darağı ilə tüklərini daramağa başladı. Abbas xan Bəngi hər yerdə olduğu kimi burada da şeir yazmağa başladı, dəmir qələmini çıxarıb bloknotunu əlinə aldı. Hamının gözü Abbas xanda idi, çünki onun xasiyyətini bilməmiş deyildilər, hamı gözlərini ona dikib nə vaxt şeir oxuyacağını gözləyirdi. Nəhayət, Abbas xan növbədən xaric bir neçə piyalə araq içdikdən sonra qələmi qoynuna qoydu və üzünü Süsən xanıma tutub şeirini oxudu: Saqi, ver məclisə dövr etdir o peymanələri, Rövşən et şəmü, şərabilə bu kaşanələri. Zahida, get sənin olsun hamı qılmanü, mələk Dəng qılma məni, az söylə bu əfsanələri. Vurma əl sirrimə, bəxş etdi bizim taleyimiz Ruzi-əzzəl sənə məscid, mənə meyxanələri. Mən görən mahüvəşin daneyi-xalin görsən Yandırarsan bilirəm, səbheyi səd danələri. Hamı qalxıb əl çaldı, təzədən piyalələri doldurub Abbas xanın şərəfinə içməyə başladılar. Otağa beş nəfər əlavə olaraq gənc erməni girdi, onlar oturmağa boş yer axtarırmışlar kimi stolların arası ilə gəzib oturanları gözdən keçirirdilər. Bunları daşnaklardan heç birisi tanımırdı. Bunun üçün onlara əhəmiyyət verib stola dəvət edən yox idi. Az sonra içəriyə bir nəfər adam daxil olub, Lilavalı Haşım ağaya bir məktub verdi. O, məktubu yoldaşlarına göstərdikdən sonra durub Teymur ağa ilə bərabər bayıra çıxdı, stolun başında Abbas xan Bəngi, bir də Molla Zeynəb oğlu Hüseyn qalmışdı ki, bunlar da Süsən xanımı yedirmək və içirməklə məşğul idilər. Məclisə tanış olmayan erməni gənclərinin hər birisi bir bucaqda durmuşdu, onlardan bir səs eşidildi: – Əllərinizi yuxarı qaldırın! Hamı piyaləsini yerə qoyub, səs gələn tərəfə baxdı. Beş nəfər əllərində onaçılan tapança və bomba durmuşdu, qapı ağzında da bir neçə nəfər tapança və bombalı dayanmışdı. Hamının əlləri yuxarı qalxmışdı, bir neçə nəfər içəri girib daşnakların yanlarında olan silahları yığmağa başladı. Sonra da könüllü yazılan gənclərə müraciətlə: – Mandatlarınızı verin! – dedilər. Mandatların hamısını alıb cırıb atdılar və onlara əmr etdilər: – Buradan durub birbaşa evinizə gedin! Andranikin könüllü ordusuna yazılanlar öz ailəsinin fəlakətinə səbəb olacaqdır! Təhdid ilə onları evlərinə yola saldılar. Sonra da meyxanaçı ilə bərabər oradakı daşnakların qollarını bağladılar və Abbas xana müraciətlə: – Yoldaşlarınız sizi bayırda gözləyir, onların bu işə müdaxilə etməməsi üçün bayıra çağırdıq, durub gedə bilərsiniz. Onlar durub gedəndən sonra meyxana sahibi ilə birlikdə qadınların əl-ayağını sarıyaraq, qapını bağladılar... Bu xəbərlər ildırım sürəti ilə Təbrizə yayıldı. Səhər könüllü toplayan məntəqə açılmamışdı, küçələrdə bir nəfər də olsa silahlı gəzən daşnak görünməyirdi, bir çox daşnak rəhbərlərinin gecəykən Təbrizdən qaçdıqları xəbəri gəldi. Andranik paşanın Təbriz nümayəndəsi Hayk gecə küçədə bərk döyüldüyü və başı-gözü dağıldığı üçün yorğan-döşəkdə yatırdı, könüllü toplanan məntəqənin qapısını gecəykən erməni gəncləri sındırib oranı talan etmişdi. Divarlarda olan qanlı şüarları yırtıb, Andranik paşanın böyük təsvirinin altından yazmışdılar: €Qanlı əlini çək Təbriz ermənilərindəni Sənə də, səni işə göndərənlərə də lənətlə * * * Təzə xəyanətlər Dünən səhərdən evdən çıxıb gecə saat birdə evə qayıtmışdım. İclas yerlərinin uzaqda olması bəzən iclasdan sonra evə qayıtmağıma da imkan vermirdi. Buna görə də Nina və Məşədi Kazım ağa mənim haqqımda şübhələnir və vaxtımı ziyafətlərdə keçirdiyimi düşünür, hətta xasiyyətimin dəyişdiyi barəsində də dalda danışırdılar. Bəzən mən səhərlər Nina ilə danışmadan və onun ehtiyaclarını soruşmazdan əvvəl çıxıb gedirdim. Nəhayət, bu gün onlar mənim dalımca danışdıqları sözləri özümə deməyə qərar vermişlərdi. Onlar mənim yenə də tezdən gedəcəyimi zənn etdiklərindən hamıdan qabaq yuxudan qalxıb qarovulumu çəkirdilər. Mən tezdən yuxudan qalxmışdım, Hüseynəli əminin arvadı Səriyyə xala samovarı qaynadib gətirmişdi. Mən Ələkbər yoldaşı oyatmaq üçün dəhlizə çıxıb, onun qapısını döymək istərkən Məşədi Kazım ağanı dəhlizdə gördüm. O məni gördüyü zaman qabaqca adəti üzrə dişləri görünməyəcək halda güldü və salamını vermədən soruşdu: – Deyəsən, dadaş yenə də bir yerə getmək istəyir, hə?1 Bu sözdən bir şey hiss etdim və burada bir kələk olduğunu anladım, çünki çox vaxt Nina utanıb deyə bilmədiyi sözləri Məşədi Kazım ağanın vasitəsilə deyərdi. Hərgah Məşədi Kazım ağanın qəlbini axtarmaq mümkün olsaydı, Ninanın şəxsi həyatımızdan olan şikayətlərinin hamısını orada tapmaq mümkün idi. Bu xasiyyət yalnız Ninaya məxsus deyildir, zatən qadınların hamısının bir nəfər sirdaşı olur. Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. Qadın nə qədər gözəl bir həyat içərisində yaşayırsa-yaşasın, yenə özü üçün bir şeyi dərd qərar verir, onu da öz sirr adamına söyləyir. Qadının incəlikləri, zərrəbindən bir neçə qat artıq görən qəlbi, öz həssaslığını ancaq kişiləri araşdırmaq və onlarda öz şikayətinə haqq qazandıra bilən bir cəhət tapmağa sərf edir. Bəzən qadının sirdaşları da onların kişilər barəsindəki şübhələrinə təkan verə bilir. Bunu Məşədi Kazım ağa ilə Ninanın mənim barəmdəki dərdləşmələri zamanında da təcrübədən keçirmişdim. Məşədi Kazım ağa əllərini bir-birinə sürtüb o tərəf, bu tərəfə əyilirdi, bununla da o, sanki mənə verdiyi sualın cavabını gözləyirdi. Bütün bu hallar bu gün onun mənim üçün bir «aş bişirdiyinib göstərirdi. Buna görə mən də öz cavablarımı hazırlamalı və vəziyyətin içindən çıxmağa çalışmalı idim. – Xeyr! Bu gün heç bir yerə getmirəm, Ələkbər yoldaşı çay içmək üçün çağırıram. Siz də buyura bilərsiniz, – dedikdə o: – Elə mənim də sizi könlüm istəyir. Oturub bir az danışaq, görək nə var, nə yox, – deyərək mənimlə bərabər çay otağına girdi. Ələkbər yoldaş gəldi. O, yerə oturan kimi də Səriyyə xala onun qəlyanını gətirib stolun üstünə qoydu, çünki hər şeydən qabaq bir stəkan çay içmək və bir qəlyan çəkmək onun adəti idi. Bir neçə dəqiqədən sonra dəstənin başı açıldı, Təhminə xanımla Məcid içəri girdi, bir az keçdi, Nina əlində Məcidin paltosunu gətirdiyini bəhanə edib, içəri girdi, lakin nə Təhminə xanım, nə də Nina mənə o qədər də əhəmiyyət vermirdi. Onlar ancaq Ələkbər yoldaşla danışır və onun kefini xəbər alır, ona məhəbbət göstərirdilər. Mən Məşədi Kazım ağanın qulağına pıçıldadım: – Deyəsən, bu kələklərin hamısı sənin kələklərindir, – dedikdə o da: – Əhəmiyyət verməyin, – dedi. Məsələ aydınlaşdı, buna görə də mən qabaqca Ninanın söz açmasına imkan vermədim, onun nəzərlərində oxunan narazılığı söndürmək üçün sözə başladım: – Mən özüm sizi bir yerə yığacaqdım, sizə əleyhimizə hazırlanmaqda olan təhlükə haqqında danışmaq istəyirdim, – dedikdə Məşədi Kazım ağanın tövrü tamamilə dəyişdi, oturduğu kürsünün üstündən qalxıb bir də oturdu. Əllərini dizlərinə söykəyib boynu ilə bərabər bütün vücudunu mənə tərəfuzatdı, bir-iki dəfə udqundu və qorxulu nəzərlərlə mənə baxaraq soruşdu: – Təzə təhlükə? Mən qabağımdakı çayı qarışdırıb içincə o bir neçə kərə bu sualı mənə verdi, çünki hamıdan artıq təhlükədən Məşədi Kazım ağa qorxurdü. Əvvəla, təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu, çünki o, paranı ancaq inqilabdan qazanırdı. İkincisi də, təhlükə zamanlarında təhlükəyə qarşı hazırlıq görmək üçün artıq para lazım gəldikdə Məşədi Kazım ağa verməli idi. Onun qorxusu bu iki səbəbdən ola bilərdi. Otaqda bir səbirsizlik davam “dirdi. Məşədi Kazım ağa Ələkbər yoldaşa tərəf dönüb: – Qəribə adamdır hal.. – dedi və sonra da məclisə müraciətlə sözünə davam etdi: – Bu inqilabda biz də iştirak edirux, ya yox?l Bəs biz bilməyək ki, başımıza nə gəlir?1 Mən daşın sevər yerdən dəydiyini dərhal hiss etdim, buna görə də Məşədi Kazım ağaya tərəf soyuq bir nəzər ataraq: – Görünür ki, inqilabda iştirak etmirsiniz, – dedikdə o boynunu geri çəkdi və mənə sual verdi: – Mən ölüm, bu sözü doğrumu deyirsən? Mən inqilabda iştirak etmirəmmi? Mənim malım da, canım da inqilaba qurban deyilmi?1 – Orası mənə məlumdur. Lakin hələlik bizim dostumuz Təbriz inqilabını buraxıb ancaq evimizdə inqilab yaradır. Eybi nədir, bu da inqilabdır. Biz Ələkbər yoldaşla bütün gecə-gündüzü Hacı Səməd xanın təzə macərası haqqında iclaslarda keçirdikdə, siz də burada mənim ziyafətlərdə, kef məclislərində vaxt keçirdiyimi deyib arvadların içində inqilab törədirsiniz. Məşədi Kazım ağa bu sözdə köməksiz adamlar kimi o tərəf-bu tərəfə baxıb: – Bu bığları qəbrə qoyasan ki, bu işdən mənim xəbərim yoxdur, – dedikdə Nina qəhqəhə ilə güldü və bu gülüşdən Məşədi Kazım ağa qızardı, Ninaya baxaraq: – Eybi yoxdur, Nina bacı! Bir də mənə tövbə olsun ki, arvad tayfasının ipinə odun yığmayıml Məşədi Kazım ağa və Nina təzə təhlükənin nədən ibarət olduğu ilə maraqlanırdılar. Nina məndən bu barədə soruşdu: – Doğrudan da, bir hadisə gözlənilirmi? – Ciddi bir hadisənin baş verəcəyi şübhəsizdir. Çar general-qubernatoru və onun nökəri olan Hacı Səməd xan Şücaüddövlə heç vaxt Təbriz xalqını İranın başqa yerlərindəki xalqla müqayisə edə bilməz, çünki təbrizlilər siyasi məsələləri başqalarından daha tez həll edə bilirlər, çünki Rusiyada baş verən Beşinci il hərəkatı və Rusiya işçisinin silahlı üsyanı Təbriz xalqının gözü önündə keçirmişdir. Bunlardan əlavə, çar müstəmləkəçilərinin təzyiqləri və eyni zamanda yerli feodalların talanları da Təbriz xalqının ayılmasına və onun mübarizə duyğuları ilə silahlanmasına səbəb olmuşdur. Təbriz inqilabı hərəkatda həmişə İran xalqlarına yol göstərib, bayraqdar olub. Çar hökuməti və yerli feodallar inqilabi fikirləri və güclənməkdə olan siyasi şüuru Azərbaycan xalqının zehnindən silahla çıxarmağı bacarmadı. Buna görə də onlar təbrizlilərin bu hislərini söndürmək üçün təzə bir silah işlətmək istəyirlər. O silah dinçilikdən, bidət və mövhumatdan ibarətdir. Son zamanlar çar və ingilis müstəmləkəçiləri din və mövhumat təbliğatına hər zamandan artıq diqqət verirlər. Çar konsulu Hacı Səməd xana bu barədə ciddi təlimat vermişdir. Məşədi Kazım ağanın rəngi açıldı, çünki bu xəbərdə onun maddi mənafeyi üçün heç bir zərər görünməyirdi. O, çox cürətli bir surətdə: – Eybi yoxdur, qoy nə bilirlər etsinlər. Biz də inqilabçıyıq, biz də işimizi bilirik! – dedikdə məclisin əhvali-ruhiyyəsi dəyişdi, mən də Ninaya tərəf dönüb dedim: – Hacı Səməd xanın bu xəyanəti, özünün minlərlə inqilabçıları məhv etməsindən, zirzəmilərdə boğdurub küçələrə atdırmasından, buz bağlamış hovuzlara salıb dondurmasından, inqilabçıları kütləvi surətdə çar landarmının əlinə tapşırıb Sibirə sürgün etdirməsindən daha qorxuludur. * * * Süruri-xəlvət Hüseynqulu xan Axşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı. Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə: – Yaxına təşrif gətir, mənim mehribanım! – deyərək ona yalvarırdı. Lakin Hüseynqulu xan onun yalvarışlarını eşitmirdi. Axırda Rəşidülmülk ayağa qalxdı və onun gözlərindən öpərək: – Səbəbsiz inciməyin nə mənası vardır? – dedi. – Səbəbsiz dünyada heç bir şey yoxdur. Səbəbi odur ki, siz məni aldadırsınız. – Həzrət Seyidüşşühədaya and olsun ki, mən heç vaxt səni aldatmamışam. – Hərgah siz məni aldatmırsınızsa, bəs nə üçün vaxtı keçirirsiniz? Artıq mənim iyirmi iki yaşım vardır. Mənim də, Mahru xanımın da cavanlığı keçir, biz nə vaxt evlənəcəyik? – Mən sənə söz vermişəm, nə Mahru, nə də sən buradan kənara çıxmayacaqsınız. Qız səninkidir. Mən yaxın zamanda onu razı sala- «ağam. Məni incitmə, götür paltarlarını geyin, nə üçün gözəl vaxtımızı hədər edirsən? Hüseynqulu xan Süruri-xəlvət gətirdiyi çamadanı götürüb pərdənin dalına keçdi, Mahru isə qapının dalında oturub düşünürdü. Onun üçün Rəşidülmülkün bu xəyanəti təzə xəyanət idi. Mahru Rəşidülmülkün onu öz csevgilibsi Hüseynqulu xan kimi bir əxlaq pozğununa vədə verdiyini bilmirdi. O, bunları eşitdikdən sonra daha otura bilmədi, öz otağına qayıdıb yatağına uzandı. Hüseynqulu xan pərdənin dalından çıxdı. İndi o, Hüseynqulu xan deyil, Məhbubə xanım? adında iyirmi iki yaşlı avropalı qız idi. Rəşidülmülk qalxıb onu qarşıladı, öz yanında əyləşdirdi, zəngi çalıb xidmətçini çağırdı, bir neçə dəqiqə keçmədən xidmətçi şərab busatını düzəltdi, 6Məhbubə xanım? isə piyalələri bir-birinin dalınca boşaldıb Rəşidülmülkün başını düzəltdi. Rəşidülmülk qalxıb pərdənin dalından qızıl, firuzə və sədəflərlə düzəlmiş kamançanı gətirib «Məhbubə xanım?pa verdi: – Al, mənim Məhbubəm, al! Kəbənin tağı qədər müqəddəs olan qaşlarına and içirəm, nə qədər ki, sən varsan, evlənməyəcəyəml – Sözlə olmaz, bunu yazılı olaraq mənə verməlisiniz! – O da mənim gözüm üstündə. Ancaq sən çal və oxu! – Durub öz dediyinizi yazın, sonra... Rəşidülmülk qalxıb yazı stolunun dalına keçdi. Qələmi götürüb yazdı və «Məhbubə xanımşa göstərdi: – Buyur, mənim varlığım! – dedi və kağızı stolun üstünə atdı. Məhbubə xanım?, doğrudan da, bir qadın şivəsi ilə oxumağa və çalmağa başladı: Saqi, meyi ver, xumdə şərab olduqca, Abad elə könlümü xarab olduqca, Eşq atəşinə cismimi yandır, saqi, Ləzzətli olar badə kabab olduqca. Saqi, dolanım başına ləbriz elə cam, Gün keçdi, tükəndi ömür, getdi əyyam. Sındırdı əlimdə şişəni səngi-cəfa, Bu deyrü dəhrdə almadım zərrəcə kam. Gecə saat on iki idi, 6Məhbubə xanım? yenə də paltarın çıxarıb çamadanına qoydu, Rəşidülmülk isə xidmətçini səsləyərək: – Faytonu qoşub cənab Hüseynqulu xanı evlərinə aparsınlar, – dedi. Hüseynqulu xan Süruri-xəlvət çıxıb getdikdən sonra Rəşidülmülk zəngi vurub Mahru xanımı çağırdı, çünki onun yazı işlərini hər gecə Mahru xanım sahmana salırdı. Hələ Mahru xanım otağından çıxıb onun yanına getmədən, nökər daxil olub Kazım Davatgər oğlu ilə Sallax Süleymanın gəldiyini xəbər verdi. Rəşidülmülk onları böyük bir hörmətlə qəbul etdi. Kazım Davatgər oğlu cibindən bir məktub çıxarıb Rəşidülmülkə uzatdı və özlərinin Mirzə Davər xan tərəfindən göndərildiyini danışdı. Rəşidülmülk məktubu oxuyub stolun üstünə qoydu və: – İki nəfəri, bir Əbülhəsənbəyi, bir də onun qardaşı Əsədi, razısınızmı? Hər birisi üçün beş yüz tümən. Dörd yüzünü indi, altı yüzünü də öldürdükdən sonra. Kazım bunu təsdiq etdi: – Biz Mirzə Davər xanla da belə danışmışdıq, lakin gərək həzrət əşrəf bizi tələsdirməsin, çünki bunları öldürmək cücə öldürmək deyildir, gərək elə bir zamanda öldürək ki, nə bizim, nə də həzrət əşrəfin adı çəkilməsin. – Əhəmiyyət verməyin, cənab ağa! Onlar adi adamlardır. Sizə bunu hökumət əmr edir. Hökumət də onların öldürülməsindən ötrü heç kəsi tutub cəzalandırmayacaqdır, öldülər, qurtardı getdi. – Allah həzrət əşrəfin kölgəsini bizim başımızdan əskik etməsin. Həzrət əşrəf çox yaxşı bilməlidir ki, bizim bu xidmətimiz pul üçün yox, ancaq həzrət əşrəfin şərəfini mühafizə etmək üçündür. – Qeyrətinizə qurban. Belədir. Belə də bilirəm. Lazımi vaxtında sizi istədiyiniz vəzifəyə də təyin edərəm, mən sizin dəyərli adam olduğunuzu Hacı Şücaüddövləyə danışmışam. Onun özü də sizə əhəmiyyət verməyi mənə tapşırmışdır. Bundan sonra sərdar Rəşid sandıqları çağırdı, dörd yüz tümən gətirilməsini əmr etdi. Gecə saat birə işləyəndə Sallax Süleyman və Kazım Rəşidülmülklə vidalaşıb getdilər. Bir neçə dəqiqədən sonra xidmətçi qadın Mahru xanımın qapısını vurub: – Həzrət əşrəf sizi hüzura çağırır, – dedi. Bir neçə dəqiqə keçəndən sonra Rəşidülmülkün böyük çilçıraqlarla işıqlanmış kiçik salonuna qara ipək dona bürünmüş ucaboylu bir qadın girdi. Bu, Mahru idi. O, qara saçlarını açıb dalına tökmüşdü, tüklərinin altından parlaq çöhrəsini salonun o tərəf-bu tərəfinə dolandırır, ulduz kimi parlayan gözlərini ətrafa açaraq, gündüz kimi işıqlanmış salonda irəliləyirdi. Rəşidülmülkün stoluna təzə şərab vermişdilər, o, Mahrunu görürkən ayağa qalxaraq: – Otur, bacım! – dedi və qollarını açıb onu qucaqlamaq istədi. Mahru adəti üzrə geri dönüb salondan dişarı çıxmaq istərkən, Rəşidülmülk qayıdıb öz yerində oturdu, yenə də: – Otur, bacım, otur1 – dedi. – Bu gecə yazı işlərini bir tərəfə ataq. Səni and verirəm ananın qəbrinə, bu gecənin yuxusunu mənə bağışla, otur burada, danışaq, bəlkə, bununla mən bəzi şeyləri unuda biləm. Başını yuxarı qaldır, gözlərini açıb üzümə bax, mən ancaq belə hallarda dünyanın ağırlığını yadımdan çıxara bilərəm. Otur, bacım, sən Allah otur! Mahru gəlib kənar kürsülərin birisində oturdu və yavaşdan dedi: – Siz sərxoşluqla da dünyanın ağırlığını xatırdan çıxara bilərsiniz. Mənə gəldikdə, əksinə olaraq, siz sərxoş olduğunuz zaman dünyanın ağırlığını daha çox hiss edirəm, çünki daima belə zamanlarda siz məni rahatsız edirsiniz və ədəbsiz hərəkətlər göstərirsiniz. Rəşidülmülk: – O cürə sözlər lazım deyil, bacım. Dur mənə bir gilas" konyak doldurub öz əlinlə ver! Səndən istəyəcəyim ancaq budur! Səni bir gözəl və nəcib cavana ərə verəcəyəm, bununla həm sən, həm də mənim özüm xoşbəxt olacağam. Rəşidülmülk bu gecə öz cMəhbubəəşsilə həddindən artıq içib keflənmişdi. O özünü bilmirdi. Bir az da içsəydi, tamamilə dünyanın ağırlığı ilə bərabər özünü də unudacaq idi. Buna görə də Mahru xanım bütün gecəni rahatsız olmamaq üçün onu bir daha içirmək və stolun üstündəki kağızları yoxlamaq qərarına gəlmişdi. Buna görə də piyaləni konyakla doldurub tez-tez Rəşidülmülkə verirdi. Rəşidülmülk qızarmış gözləri ilə Mahru xanıma baxaraq: – Mənim ruhum, nə üçün qara geyibsən, bir təziyəmi gözləyirsən? – deyə soruşduqda Mahru heç də düşünmədən: – Xeyr! Bu evdə məhv olan cavanlıq illərimin təziyəsini saxlamışam, – dedi. Mahru başını aşağı salıb oturmuşdu, Rəşidülmüllk isə tez-tez içir və Mahruya müraciətlə: – Başını qaldırıb üzümə bax, – deyir və onun üzünə baxıb oxuyurdu: Meyli gülçidən nədarəm, Bağiban, dərra məbəndl Minişinəm guşeyi Gülra təmaşa mikunəm.İ Rəşidülmülk son piyaləsi əlindəykən yuxuladı. O, başını stolun kənarına qoyaraq, on dəqiqə qədər mırıldandı, sonra xoruldamağa başladı. Mahru ayağa qalxıb Rəşidülmülkün yatıb-yatmadığını yoxladı, o ağırlaşmış bir cəmdək kimi hərəkətsiz düşmüşdü. Buna görə də stolun üzərindəki kağızları araşdırdı, birinci növbədə Kazım Davatgər oğlu və Sallax Süleymanın Mirzə Davər xan tərəfindən gətirdiyi məktubu götürdü: «Həzrət əşrəfin hüzuruna ərz-bəndəçiliyim budur ki, tapşırdığıniz adamları tapıb göndərdim, bunlar mənim xatirim üçün min tümənə razı oldular. Göndərdiklərim onların hər ikisini yerbəyer edə bilər. Bunlara əmin ola bilərsiniz, əllərindən iş gələn igidlərdir. Hər ikisi Təbrizdə məşhurdur. Mirzə Davər xanə. Bu məktubu görəndə Mahrunun varlığı dəyişdi. O, Tütünçüoğlunu bu məsələdən xəbərdar etməyə tələsirdi, lakin gecə idi, bu mümkün deyildi. Mahru bu hadisənin səhərə qədər həyata keçəcəyindən qorxurdu. Mahru sonra da stolun üstündən Rəşidülmülkün öz əxlaqsız sevgilisi Hüseynqulu xan Süruri-xəlvətə verdiyi vəsiqəni götürüb oxudu: €Mən bu vəsiqəni öz sevgili dostum Hüseynqulu xan Süruri-xəlvətə verirəm, o barədə ki, Mahrunu ona verəcəyəm. Nə qədər də Süruri-xəlvət özü məndən ayrılmayıbdır evlənməyəcəyəm. Rəşidə. Mahru vəsiqəni oxuduqdan sonra: – Tfu sənin vicdanına! – deyərək salondan çıxdı. kök Nina Mahrunun gəldiyini pəncərədən gördüyü üçün onu dəhlizdə qarşıladı, Mahru adəti üzrə çarşabını dəhlizdə götürdü. Ninanın qolu qolunda içəri girdi. Təhminə xanım isə onların hər iksini qucaqlayıb öpərkən: – Sizin ikinizə də mənim canım qurban, – dedi. Təhminə xanım Təbrizdə birinci və yeganə qadın idi ki, Nina və Mahru xanımın xalq səadəti uğrunda çalışdığını bilirdi. O, Mahru və Ninanı öz qızları Töhfə xanım və Sənubər xanımdan artıq sevirdi, öz növbəsində onlar da Təhminə xanımı öz anaları kimi sevir, şadlıq və kədərlərini onunla bölüşürdülər. Mahru çarşabını Təhminə xanıma verdi, həmişə olduğu kimi böyük güzgünün yanından keçib öz əndamına baxdıqdan sonra Nina ilə bərabər gəlib mənim yazı stolumun yanında oturdu. Onun qara və dəyirmi gözləri yenə də acıqlı və küskün baxırdı. Onun bir-birinin üzərinə tökülən qara və uzun kirpikləri sanki dünyaya acıq edən göz bəbəklərinin qarşısına dəmirdən hasar çəkmək istəyirdi. Onun nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi. Yanaqlarındakı çuxurluq öz kədərlərinin dərinliyini təsvir etməyə tələsirdi. Onun enli, qara, qalın, eyni zamanda bir-birinə qarışmayan qaşları bir hadisə haqqında düşündüyünü bildirirdi. Mahrunun bütün varlığı, dözülməz çətinliklər qarşısında boyun əyməz, mətanətli, səbirli və ağıllı bir qadın olduğunu göstərirdi. Nina yenə də ona baxıb çox dərin düşünürdü. Şübhəsiz ki, Ninanı Mahrunun gözəlliyi məşğul etmişdi. Nina bir qədər baxdıqdan sonra mənə dedi: – Mən Nina olmasaydım, Mahru olmaqdan şadlanardım. Yüzlərlə roman oxumuşam, lakin mühərrirlərin heç birisi Mahru kimi insanlığın bütün məziyyətlərini özündə mərkəzləşdirən bir qadın surəti yarada bilməmişlər. Mahru xəfif və xəstə bir gülüşlə cavab verərək: – Mən də insanlara səmimi münasibət bəsləməkdə Nina kimi olsaydım, adımı Şərqin məşhur qadınları cərgəsində yazdıra bilərdim, – dedi. Mən: – Mahru xanım, sən onu bil ki, Mahrular Şərqin məşhur qadınlarından daha məşhur, daha şərəflidir, – dedim, – Şərqin məşhur qadınları Şərq xalqının səadəti uğrunda sənin ifa etdiyin vəzifəni ifa edə bilməmişlər. Şərqdə məşhur qadınlığın tarixi, fəqət Mahrularla başlamış olur. Şərqin gələcək qadınları ancaq sənin yolunu davam etdirməklə xoşbəxt olmaq istəyəcəklər. Hazırda sənin çəkdiyin əziyyətlər, bədbəxtlik adı verdiyin işgəncələr gələcək qadınlığın əbədi səadəti üçün bir zəminədir. Səndəki mətanət yalnız qadınlarda deyil, mərd kişilərdə görünə bilər. Mən danışdıqca o da kirpiklərini bir-biri üstünə töküb oturmuşdu. O, yanındakılara hiss etdirməksizin ah çəkirdi. Ata-anasının faciəli ölümünü görən, bütün həyatı kədərlər, qəmlər içərisində əzilən, dünyada şadlığın nədən ibarət olduğunu bilməyən bu alicənab qadını bugünkü qədər qəmgin görməmişdim. Mən ona baxaraq özözümə deyirdim: «Bu qadın qədər mətanətli, səmimi, möhkəm əqidəli, yorulmaz, müstəqil fikirli ola bilsəydim, mən də özümü məşhur adamlar «ərgəsinə yazdıra bilərdimlb Mən sükutu pozmağa çalışdım. Mənə elə gəlirdi ki, sükutun uzun dəqiqələr davam etməsi qızda bir dönüş yaradar, nəticədə də o mənə demək istədiyi sirləri gizlədərdi. Bunun üçün də onun əllərini əlimə alaraq: – Əziz Mahru, hazırda mən sənin həlledilməz çətin bir məsələ qarşısında qaldığını hiss edirəm, – dedim. O, yenə də vüqarla, soyuqqanlılıqla başını qaldırıb: – Elədir, – dedi, – mənim günlərimin hər dəqiqəsi bir hadisədir. Mənim varlığım, təbiri cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi bir şəkil almışdır. Ancaq burada mənim idrakımın irişmədiyi daha bir məsələ vardır. Nə qədər düşünürəmsə, bunu həll edə bilmirəm, bəlkə də, siz bu barədə mənə cava» verəsiniz. – Bilmədiyiniz nə kimi bir məsələdir? O özünü düzəldərək: – Bilmirəm mən hadisələrdən ötrü, yainki hadisələr mənim üçün doğulmuşdur – dedi. – Sizin ikiniz də bir-biriniz üçün doğulmuşsunuz, çünki hadisələr insanlar doğulduğu zaman doğulur. Dünya hadisələr ocağıdır. Biz isə hadisələrə qarşı hadisələr yaratmaq məcburiyyətindəyik. Əziz dostum, sənin özün hadisələr yaratmadınmı? Smirnovun ölüm məsələsi bütün Təbrizdə mühüm bir hadisə deyildimi? – Mənim bədbəxtliyim orasındadır ki, hadisələri öz sevdiyim adamların həyatı üzərində yaradıram. Mənimlə xoşbəxtlik qurmaq istəyənlər mənim səbəbimə bədbəxt olur, mənimlə yaşamaq istəyənlər mənim əlimlə öldürülür. Bunu da bilirəm ki, başqaları bu kədərlərə, bu işgəncələrə davam edə bilməz. Mən isə uşaq zamanımdan bunların içərisində böyümüşəm. Davam edə bilərəm. Lakin mənim səbəbimə fəlakətə düşənlərə acıyıram. Bu fikirlər vicdanımı, ruhumu bürüyür. Doğrusu, bunlar məni olduqca aciz edir. Birisini özüm öz məqsədim uğrunda qurban verdim, o birisini isə sevgim üçün qurban verirəm. Rəşidülmülk Əsədi və sizi öldürmək istəyir. Mahru xanım bu sözləri dedikdən sonra Mirzə Davər tərəfindən göndərilən məktubu və Rəşidülmülkün Hüseynqulu xan Süruri-xəlvətə verdiyi vəsiqəni çıxarıb mənə göstərdi və əlavə etdi: – Baxınız, mən nə gündə və harada yaşayıram! Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. Qızın oradan qurtarması üçün qəti tədbirlər görmədiyimdən utandım. Lakin onu nə cür və hansı vasitə ilə qurtarmaq olardı? Nə qədər fikirləşir və tədbir axtarırdıqsa, yenə də nəticədə Rəşidülmülkü öldürmək lazım gəlirdi. Lakin hələ onu öldürmək vaxtı çatmamışdı. Qıza t səlli verərək: – Səbir edin! – dedim. – Sizi oradan qurtaracağam. Sizin səad tiniz yaxındır. Sizin ailə həyatınızı təmin edəcəyəm. Əsəddən : məndən nigaran qalmayın. Əsəd Kazım Davatgəroğlu və Sal! Süleymandan yüz qat igiddir. Əsəd tək də deyil, arxasında yüzlər qolubükülməz oğlanlar vardır. Bunların hamısı düzələcəkdir. Ta şırdığım məsələ haqqında nə kimi məlumat yığdınız? – Rəşidülmülkün yanına əvvəlkilərə nisbətən çox adam! gəlib-gedir. Lakin nə üçün gəlib-getdiklərini bilmirəm, çünki cürə hallarda içəriyə heç bir kəsi buraxmırlar. Lakin gələnlərd: Soltanüzzakir, Misbahüzzakir, Misgəroğlu və sairələri ilə tez-t görüşürlər. Mahrunun bu xəbərindən bizi şübhə altına qoyan məsələ tam milə aydınlaşırdı. Çar konsulunun dini və mövhumatı canlandırm: üçün düzəltdiyi plan Rəşidülmülkə tapşırılmışdı. Onlar təzə macə düzəltmək istəyirdilər. Söhbətin şirin yerində Məcid gəlib mənə xəbər verdi: – Əmi gəlibdir. Şübhəsiz ki, əmi Tütünçüoğlundan ibarət idi, çünki Ələkbər yc daş tezdən getmişdi, o nahar vaxtına evə qayıtmayacaqdı. Buna gö də Nina Əsədi içəri çağırmaq üçün dişarı çıxdı. Mahrunun bu x bərdən vəziyyəti dəyişdi, üzündə şadlıq göründü. Lakin o utanırc Bizim yanımızda onlar bir-birləri ilə danışmır və yaxın oturmurdul: Nina hələ qayıdıb gəlmədən Mahru Təhminə xanımı çağırıb, nə 1 onun qulağına pıçıldadı. Bir azdan sonra Təhminə xanım Ninan şallarından birisini gətiribi onun başına saldı. Əsədlə Nina otağa daxil oldu. Əsəd oturmadı, qapının yanını ayaq üstündə durdu. Mən onu çağırdım: – İrəli gəl! Mahrunun əlini sıxıb otur. Danışmalı sözbətim vardır, – dedikdə Əsəd gəlib Mahrunun əlini sıxdı və keçib oturd Mən onlara müraciət edərək: - Siz artıq bir-birinizə yad deyilsini yoldaşlıq və ailə düşüncənizin təzə doğduğuna baxmayaraq, mə lək və əqidə yoldaşlığınızın tarixi çox uzundur – dedim. – Köhı adət və ənənələri tamamilə buraxın, yoldaş kimi oturun, dərdlər nizi. şadlığınızı bölüşdürün. Mahru xanım bizim ailəmizə on birin illərdə daxil olmuşdur. Bizim ürəklərimiz birdir, dərdlərimiz, şa lığımız da birdir, biz ayrılmaz yoldaşlarıq, ailə yoldaşlığı isə yoldaşlığı daha möhkəm edir və bizi biri-birimizə daha da sıxı s rətdə bağlamış olur. Tütünçüoğlu danışmırdı, ancaq mən danışırdım, lakin bu iki se gili bizim yanımızda bir-birinə baxmırdı və özlərinə aid bir kəlr də olsa danışmırdılar. Mən həm onlarla danışır, həm də bu iki gər bir-biri ilə müqayisə edirdim. Mən qadınlarda mövcud olan sev xüsusiyyətlərini izah etmək üçün yersiz və köhnə fəlsəfəçilik ç xurlarında bir çox zaman qurdalanmışdım, lakin yenə də qadın q: bini öyrənə bilməmişdim. İndi isə Mahru və Tütünçüoğlunu müq yisə etdiyim zaman yenə də köhnə fəlsəfəçilik fikri mənim yaxa: dan tutub o tərəf-bu tərəfə çəkirdi. Öz-özümə deyirdim: 4Bu gözəl, mətanətli, vüqarlı və qəhrəm: lara məxsus qəlbə malik olan qız Tütünçüoğlunun nəyini və nə ki xüsusiyyətlərini sevir?ə? Qız bu gəncin igidliyini sevirsə, haqlıdır, çünki Tütünçüoğlun qəhrəmanlığını bilən yalnız mən deyildim, onu İran inqilabında tirak edən minlərlə adam tanıyırdı. Tütünçüoğlunu tanımaq üç Səttar xanın dediyi söz kifayət edərdi. Səttar xan Əmirxaizin höl mət qoşunu tərəfindən mühasirəyə alındığı gün: «Dalımda Tütün oğlu kimi iyirmi nəfər inanılmış və qəhrəman adam olsa böyük ordunun qabağından çəkilmərəm? -— demişdi. Hərgah Mahru 7 tünçüoğlunu bundan ötrü sevirsə, haqqı vardır. Tütünçüoğlu bü Təbriz mücahidləri içərisində yeganə bir gəncdir ki, öz bombas sıx dəstələrlə gələn düşmən içərisinə atdığı zaman diksinməz gözünü qırpmazdı. Kim bilir, bəlkə də, Mahru onu gözəl və yaraşıqlı bir gənc duğu üçün sevirdi, çünki o hər cəhətcə gözəl idi, onu hər bir qa bir kişi kimi sevə bilərdi. Lakin onun başqa kişilərə nisbətən bir: müsbət cəhətləri də vardır. O, olduqca soyuqqanlıdır, bəzi qəh manlar kimi əsəbi deyildir, gördüyü iş üzərində düşünərək çalı. Tütünçüoğlunun müsbət cəhətlərindən biri də daim səhv etməm: çalışması idi. O, inqilab günlərində xalqın həyatını öz həyatın daha qiymətli bilirdi. Tütünçüoğlunun varlığında qoyulmuş tox onun ən seviləcək cəhətlərindəndir. Mən döyüş günlərində ondakı bu cəhətləri bir çox zaman təcrübədən keçirdim. O, Maralan və Göy Məscid səngərlərinin qabağında gedən müharibələr zamanı səngərlərin qarşısında tökülən yüzlərlə düşmən meyitlərinin üstündəki zənginliyə əsla etina etməz və bəzi acgözlər kimi qızıl və gümüş axtarmazdı. O, ac günlərdə belə öz toxluğunu göstərməyə və mücahidləri də buna öyrətməyə çalışardı. Hərgah Mahru bu cəhətlər üçün Tütünçüoğlunu sevirsə, o, ən ağıllı və xoşbəxt bir qadın sayıla bilərdi. Lakin bütün bu saydıqlarım xüsusiyyətlərə baxmayaraq, qadın sevgisinə təkan verə biləcək səbəbləri öyrənmək çox çətin idi. Buna nə ruhiyyat alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi, çünki son vaxtlar mənə aydın oldu ki, ruhiyyat alimləri və başqasının ruhunu, başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və öz dəruni xüsusiyyətləri ilə ölçürmüşlər. Onlar öz nəzəriyyələrində insanın hər birinin bir cür xasiyyətə malik olduğunu və bir-birinə oxşamadığını tamamilə unutmuşdular. Bunun kimi fəlsəfəçilərin özü də həyat və sevgi fəlsəfəsini öz həyatı və orqanizmi ilə ölçmüş və özündəki xüsusiyyətləri başqalarının orqanizminə tətbiq etməyə çalışmışdır. Mən Ninanı tanımaq və onun xüsusiyyətlərini öyrənmək işində özümdə mövcud olan xüsusiyyətləri əsas olaraq aralığa tökür və onun içərisindən Ninanı axtarırdım, halbuki Ninanı Ninada aparmaq və Ninadan öyrənmək lazım idi. Mən bu neçə illərin ərzində onu öyrənə bilmədiyim kimi, Mahrunu də öyrənə bilməmişdim. Buna görə də Tütünçüoğlunu nə cəhətə sevməsi üzərində düşünməyi artıq görüb, əsas məsələ üzərinə keçərək Əsədə dedim: – Əsəd, bu gün Mahru xanımın gətirdiyi xəbərlər göstərir ki, səni bir təhlükə təqib edir. Rəşidülmülkün tapşırığına görə, Kazım Davatgəroğlu və Sallax Süleyman səni və məni öldürmək xəyalındadır. Bu gündən etibarən ehtiyatlı olmalısan. Bu barədə özümüz birlikdə oturub məsləhətləşərik. uk: Mən Hacı Səməd xanın xəstələndiyini eşitmişdim. Təbiidir ki, bu xəstəlik fiziki xəstəlik deyildi, o, hər zaman İranın Rusiya və İngiltərə siyasətində mühüm bir dəyişiklik olduğu və özünün mövqeyi təhlükə qarşısında qaldığı zaman xəstələnməyə adət etmişdi. Bu günlər vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsi məsələsi yenə də dillərdə gəzirdi. 1914-cü ilin iyunundan başlamış bu məsələ dünya müharibəsi nəticəsində təxirə düşmüşdürsə də, o yenə də Tehran hökumətinin zehnindən silinməmişdi. Hacı Səməd xan, vəliəhdin Təbrizə rusların razılığı ilə gəldiyini və Rəşidülmülkün də ona müavin təyin edilməsi təklifinin ruslar tərəfindən irəli sürüldüyünü də gözəlcə bilirdi. O, uğrunda bütün vicdanını qurban verdiyi çar hökumətinin bu vəfasızlığına qarşı özünü təhqir edilmiş kimi hesab edir və xəstələnirdi. Mən axşam saat on birdə Hacı Səməd xanın səhhətini soruşmaq bəhanəsi ilə onun yanına gedirdim. Mən təzə hadisələr və təzə ma- «əra hazırlıqları barəsində ondan bir şey əldə etməyi düşünürdüm. Buna görə də onu evində tək yaxalamaq üçün gecə saat on birdə getməyi münasib görmüşdüm. Evdən faytona oturub Nizamüddövlə bağına gedincəyə qədər küçələrdə bir nəfər də olsun rastımıza çıxmadı, zatən bu adət İran şəhərlərinin hamısında mövcuddur, çünki şəhər küçələrində fənər yandırılması adət deyildi, şəhər idarəsinin sistemində şəhərin işıqlandırılmasına dair heç bir maddə də yazı!mamışdır. Buna görə də gecələri bir tərəfə getmək istəyən varlı və aristokratiya öz evində dörd-beş nəfər fənərçi saxlamağa məcburdur. Adi adamlar isə bir tərəfə getdiyi zaman mütləq əlində fənər götürməlidirlər. Xüsusən payız zamanları, Təbriz küçələrindən gecələr keçmək daha da çətindir. Küçələrə daş döşənmədiyindən yağış və qar suyundan dolmuş gölməçələr, gecə küçəyə çıxanlar üçün böyük bir təhlükə yaradır. Təbriz küçələri Qafqaz şəhərlərində olan küçələrə bənzəmir, çünki Qafqaz şəhərlərinin küçələrində fənər yanmayan zamanda da gecələri gəzmək mümkündür, çünki evlərin pəncərələri hər yerdə küçələrə baxır, pəncərələrdən küçələrə işıq düşür. İran şəhərlərində küçələr və binaların quruluşu tamamilə başqa cürdür. Şəriət və mövhumat iranlıları gecə pəncərə işıqlarından istifadədən də məhrum etmişdir. Şərq şəhərlərində, xüsusi olaraq Təbrizdə hərəmlərdə və ailələrdə yaşayan qadınların naməhrəmə kişilərə baxmaması üçün evlərin birində də küçəyə pəncərə qayırmamışlar. Buna görədir ki, içərisi ccənnəbə kimi təriflənən Şərq evlərinin bayırı palçıq hasarlardan ibarətdir. Buna görədir ki, palçıq hasarlar içərisində çürüyən Şərq qadınlığı hələlik təbii bir sərvət kimi torpağın içərisində qalmaqdadır. Son gecələr isə xalqın küçələrə çıxa bilməməsində başqa səbəblər də var idi. Payızın son günləri idi, isti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları artıq bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi. Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı. Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəlmiş bir məqbərənin bacası kimi qəmgin-qəmgin baxırdı. Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan dumanlar qədər insana qəmginlik verirdi. Şərq xalqının müqəddəsləri dəfn edilən və hazırda siğəxanaya çevrilən məqbərələrin bacasından görünən sönük və şübhəli işıqlar, Şərq nağıllarında göstərilən qırx həramilər (yol vuranlar) məkanının qorxulu təsirlərini verirdi. İnsan vücudlarını yeyən məhlə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi. Nizamüddövlə bağına, Təbriz xalqını qanlarda boğdurmuş canavarın yuvasına və minlərlə nahaq ölümün fitvası çıxan qapıya yetigirdik. Qaranlıqlarla əhatə edilmiş bağın qapısında yanan lampa (Min bir gecəə hekayəsinin cadugər qadını Dəlilə Müxtalənin çar- .ab altından baxan hiyləgər gözləri kimi işıldayırdı. Fayton dayandı. Atlar dərin bir nəfəs alaraq öskürdü, silkələnərək gölməçələrdən üzərinə sıçramış palçıqları tökdü: Hacı Səməd xanın adamları irəli gəlib əllərindəki fanarlarla bizi yoxladılar, adımı soruşdular, çünki telefonla valinin səhhətini soruşmaq üçün gəldiyimi evdən çıxdığım zaman bildirmişdim: onlar məni içəri buraxmaq üçün icazə verildiyinə baxmayaraq, yenə də gedib keşikçibaşıya xəbər verdilər. Keşikçibaşı iki nəfər silahlı adamla əllərində fənər bağdan bayıra çıxıb faytona tərəf yanaşdı və gecənin adını xəbər aldı. Mən gecənin adını dedikdən sonra keşikçibaşı əlini döşünə qoyaraq: – Cənab ağa buyura bilər! – deyib yaltaqcasına yol göstərdi. Bağa daxil olduq. Mən həmişə bu bağa girdiyim zaman özümü fəna hiss edərdim, bu bağ özünün gözəlliyinə baxmayaraq, öz görünüşü ilə insana bir bağdan alınan zövqü yox, Şərq zindanlarına məxsus inkvizisiya məhəllinin təsirini verirdi. Mən balkona çıxdığım zaman Məmmədəli şahın mərsiyəxanı, məşhur Təbriz əks-inqilabçısı, Sultanüzzakirinin də Hacı Səməd xanın yanından çıxıb getdiyini gördüm." İçəri daxil oldum. Hacı Səməd xan əyninə xalat geyinmişdi, başında isə tirmədən tikilmiş gözəl və qiymətli bir şəbkülah vardı. O məni görən kimi özünü şad göstərməyə çalışdı və əlimi sıxdı, oturmaq üçün icazə verdi, oturdum, özü də əlini belinə söykəyib, doğrudan da, bir xəstə kimi əyləşdi. Hacı Səməd xan mənim balkonda Sultanüzzakirinə rast gəldiyimi bildiyindən, söhbəti birinci olaraq buradan başladı: – Yaxşı adamdır, lakin ehsan və hədiyyə istəməyin vaxtını bilmir, – dedi. Bununla Hacı Səməd xan çar casusu olan bu mərsiyəxanın ancaq ehsan istəmək üçün gəldiyini bildirməyə çalışırdı. Mən də bunun cavabında: – Xatirini çox istəyirəm, lakin ehtiyac içərisində olduğunu bilmirdim, – dedim. – Bilmiş olsaydım, bu cürə xırda işlərdən ötrü həz- I Sultanüzzakirin Təbriz əks-inqilabında birinci rolu oynamışdır. Səttar xan 1909-cu ildə qalib gəldiyi zaman o, Qafqaza qaçmışdı. İnqilab boğulandan sonra bu mərsiyəxan da Hacı Səməd xanla bərabər Təbrizə girmişdi. rət əşrəfə əziyyət verməsinə razı olmayıb, özüm onun ehtiyacını təmin edərdim. Hacı Səməd xan sözlərimdən razı qalan adamlar kimi özünü düzəltdi və: – Qədrdan adamları, məmləkətin qeydinə qalanları çırağ götürüb qapı-qapı axtarıram. Sizin səlamət bir əqidə daşıdığınız mənə məlumdur, yer bilən və şəxsiyyətlərə fərq qoya bilən adam olduğunuz üçün cənabınızı həddindən artıq sevirəm. Lakin iranlıların hamısı sizin kimi yaxşı-yamanı tanıyan adamlar deyil. Onlar vədə aldanan, hətta nisyə və xəyala sığışmayan nisyə vədlərə inanan adamlardır. Bu sözlər, Hacı Səməd xanın dərdli adam olduğunu və özünü ələ ala bilmədiyini göstərirdi, buna görə də onun yarasını deşmək və qəlbindəkiləri şərh etdirmək qərarına gələrək dedim: – Hərgah beş-on nəfər şəxsi-qərəz sahibləri həzrət əşrəfin vücudunu Azərbaycan xalqı üçün səadət bilmirsə, minlərlə adamlar vardır ki, özünün və məmləkətin səadətini həzrət əşrəyin varlığında görür. Həqiqətdə bəndənin özünü götürmüş olsanız, doğrudan da, mən həzrət əşrəfin xəstələndiyini İrana üz verən bir bədbəxt hadisə kimi hesab edirəm, bunun üçün həzrət əşrəfin səhhəti barəsində hər şeydən artıq düşünürəm. Hacı Səməd xan qalxıb dodaqlarımdan öpdü. – Bərəkallah! – dedi. – Bunu mən iki ildir ki, hiss edirəm. Lakin mənim zəhmətlərimə qiymət qoymurlar, mənim qapımın dabanını çıxaranlar, mənim kölgəmdə, mənim ehsanım ilə yaşayanlar, indi dəlləyin oğlunun qapısına yığılıb onu həzrət əşrəf" deyə çağırırlar. – Mən bunun səbəblərini yenə də öz dostumuzda, cənab general konsulda görürəm. Mən bilmirəm onlar Rəşidülmülkü hansı nüfuzu səbəbinə irəli çəkirlər? O, Ərdəbil hakimi olduğu zaman belə bir iş görə bilmədi. İranda Rəşidülmülkün səsinə kim səs verər?l Lakin bu gün əmr verərsəm Qaplan-kuhdan” Həmədan, Xalxal, Qaradağ və Kürdüstana qədər bütün qəbilələr öz atları ilə Təbrizə yığışar. " Hacı Səməd xanın müavini Rəşidülmülk və sonralar sərdar Rəşid adlanan adam əvvəlcə dəllək şagirdi olmuşdur. «Həzrət əşrəfə ləqəbi İranda ancaq vəzirlərə verilən ləqəbdir: son zamanlar təbrizlilərin yaltaqlıq sevən bir qrupu Səməd xanı və Rəşidülmülkü «həzrət əşrəf? deyə çağırırdılar. 7 (Qaplan-kühə - İranda azərbaycanlılarla farslar yaşayan vilayətlərin sərhəddində yer adıdır. Təbrizlə Tehran arasındadır. Hacı Səməd xan sözünü bitirdikdən sonra yenə də mən: – Doğrudur, həzrət əşrəf! Onun nüfuzu yoxdur, lakin hazırkı zamanda nüfuzu şəxsiyyətlərin fəaliyyəti və xalqın haman şəxsiyyətə olan məhəbbəti yaratmır. Hazırda müəyyən adamlar üçün nüfuzu süni olaraq müəyyən bir qrup, bir zümrə yaratmış olur. Rəşidülmülk də bu qəbil adamlardandır, lakin süni və müəyyən bir zümrənin tərəfindən yaradılan və şəxsiyyətin özü ilə əlaqədar olmayan nüfuz, yenə də başqa bir zümrənin vasitəsilə məhv edilə bilər. Həzrət əşrəfin dostları Rəşidülmülkün süni bir nüfuza malik olduğunu xalqa tanıtdırmaq işində aciz deyil, biz hər işi bacara bilərik. Lakin hələlik Azərbaycanın vəziyyəti bunu tələb etmir, məmləkət hərec-mərclikdir, xüsusən müharibə zamanıdır, müharibənin həzrət əşrəfin məmləkətinə sirayət edəcəyi qorxusu da vardır. Buna görə bizim birlik yaratmağımız lazımdır. Xüsusən biz cənab general konsulun Rəşidülmülkü nə kimi bir məqsədlə nüfuz sahibi etmək istədiyini də bilmirik. Bəlkə də, bizim Rəşidülmülkə qarşı hərəkətimiz müttəfiqimiz olan Rusiya dövlətinin ümumi siyasətinə də toxuna bilər. Lakin hər şeydən əvvəl, bunu da həzrət əşrəfə ərz etməliyəm ki, Tehranda heç vaxt Rəşidülmülkün Azərbaycan valisi olmasına riza verməzlər. Hacı Səməd xan məni çox diqqətlə dinləyirdi. Sözlərim onu qənaətləndirmişdi, lakin son cümlədən sonra başını qaldırıb: – Dediklərinizin hamısına şərik oluram, – dedi, – lakin Tehran hökumətinin Rəşidülmülk hökumətinə razı olmaması barəsindəki fikrinizə şərik deyiləm! Tehran və Tehrandakılar kimdir? Süpəhdar və Eynəddövlə, Fərmanfərma, Müstafilmülk, Səliddövlə kimdir? Onların nə kimi bir nüfuzu vardır?l Onların hansı birisində Rusiya və İngiltərə siyasətinə qarşı çıxmaq üçün cəsarət vardır? Onların hamısı ingilis və rusların cirəxorları deyilmi?1? Hacı Səməd xanı çox silkələdim. Qəlbinin torbasını yoxlamaq üçün çalışdımsa da o, bir sirr vermədi. Onların təzə macəraya hazırlaşdıqları barəsində bir şey öyrənə bilmədim. I Süpəhdar, Səliddövlə, Fərmanfərma və sairlər Tehranda baş vəzirliyi növbətlə ələ gətirən adamlardır. . 2 Cirəxor – ehsan yeyən deməkdir, çünki Fərmanfərma və Süpəhdar Rusiya ləhinə işləmək üçün Rusiyadan müəyyən paralar alırdılar. O mənim dediklərimi təsdiq etməyə bilməzdi, çünki onun Rəşidülmülkə qarşı bütün hərəkəti özünün konsul yanında olan nüfuzunu öldürə bilər, bəlkə də, özünün süqutu barəsində çəkilən planları tələsdirərdi, o, bu düşüncələrlə də əsəbiləşmişdi. O, Rəşidülmülkə qarşı heç bir iş görə bilmədiyindən acizləşmişdi. Onun cəlladlara məxsus qana həris gözləri qızarmağa və qan tələb etməyə başlamışdı. Onun duruşu 11-ci ilin məhərrəm ayındakı faciələri yada salırdı. Onun uzun sallaq bığlarının hər bir tükü dar ağacından asılan bir kəndir kimi gözlərimdə canlanır və məni iyrəndirirdi. Bu tüklərdən inqilabçı Siqqətülislam, Təbriz inqilabı rəhbəri Hacı Əli davafüruş, Sadiqilmülk, Şeyx Səlim, qəndfüruş Məşədi Abbasəli və Əli Müsyönün gənc, inqilabçı oğlanları asılırdı. Mən bu cəlladı əsəbiləşdirməməli idim, çünki o, daim əsəblərini bir neçə nəfəri öldürmək və ya ağır cəzaya düçar etməklə sakitləşdirərdi. O, daim öz mövqeyinin laxladığını hiss etdiyi zaman zindanındakı günahsızları gətirib gözü önündə döyürlər, əlini, qulağını və ya başqa bir əzasını kəsdirər, yaxud da bir neçəsini çılpaq halda buzlu hovuzun içərisində döydürər, bununla da öz əsəblərini sakit edərdi. Hacı Səməd xan bu məqsədlə də, ümumi həbsxanada olan dustaqlardan gündə bir neçəsini Nizamüddövlə bağında düzəlmiş xüsusi həbsxanada saxlar və gecələri yata bilmədiyi və əsəbiləşdiyi zamanlarda onlardan bir neçəsini cəzalandırdıqdan sonra sakit olub yatardı. Təbriz xalqı Nizamüddövlə bağının adını əbəs yerə «Nizamüddövlə qəssabxanasıb qoymamışdı. Bu bağın ağacları Təbriz inqılabçılarının qanları ilə suvarılırdı. Burada kəsilən başları görməmək üçün qızılgül qönçələri üzünü açmaz, bülbül isə məzlumların iniltisini eşitməmək üçün bu bağın ətrafında dolanmazdı. Hacı Səməd xan məni buraxmadı, şam yeməyinə saxladı. Lakin mən qalmaq istəmirdim, çünki o, acıqlı idi, onun bir nəfərə cəza verməsi, ya aşpaz, ya əl suyu gətirəni, yainki qəlyan verəni və ya çay tökəni cəzalandırması şübhəsiz idi. Lakin başqa bir cəhət üçün mənim orada şam yeməyinə qalmağim məsləhət idi. Bəlkə də, mən burada olduğuma görə o özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdi. Onun əlləri titrəyirdi, onun bığları qaplan bığları kimi şişlənirdi. Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. Bəzən o, zəhərli bir gürzə kimi fısıldayır və qıvrılırdı. Qəlyanı və mənim qarşımda olan boş stəkanı gəlib apardılar. Hacı Səməd xan aşpazın hüzura gəlməsinə əmr verdi. Bir dəqiqədən sonra aşpaz içəri girib əlləri döşündə ikiqat oldu və heç bir söz demədən durub mat-mat baxmağa başladı. Aşpazın gözü cəlladın dodaqlarında idi. Onun göz bəbəklərinin titrəməsi, göz qapaqlarının kirpik çalmadan quruyub qalması da bir qorxu intizarında durduğunu göstərirdi. Hacı Səməd xan soruşdu: – Əziz qonağa layiq şam yeməyinə nəyin vardır? Aşpazın dili açıldı, bişirdiyi xörəklər haqqında məlumat verməyə başladı: – Fisincan plov, badımcan plov, bozqovurma plov, taskabab plov, zəfəranlı-zirəli plov, döşəmə plov, aşırma plov, toyuq plov, cücə plov, kələm dolması, soğan dolması, badımcan dolması, yarpaq dolması... Hacı Səməd xan aşpazın sözünü kəsdi və: – Yetər, – dedi, – bu saydıqlarından bizim üçün hansı birisini layiq bilirsən? Aşpaz yenə qorxa-qorxa, dili dolaşa-dolaşa danışdı: – Həzrət əşrəf və cənab sərkar üçün quzu plovu məsləhət görürəm. – Get, sonra da nəyi məsləhət görürsən, gətir, əl suyunu göndər! Aşpaz şad bir surətdə, şirin qabağından nicat tapan bir qoyun kimi qayıtdı. Əl suyunu gətirdilər, onlar da salamatcasına vəzifələrini bitirib getdi, süfrə döşəyənlər də bir cəza almadan bayıra çıxdılar. Xörəklər iki nəfərə yox, lap on nəfərə də kifayət edərdi: cəllad çox az yeyirdi, bir qədər quzu əti ilə düyü yedikdən sonra bir az mürəbbələr ilə qurdalandı, sonra da ətirli şərbətlərdən içdi. Başını xörəklərin xonçasına əymişdi, əlini nimçənin üzərində saxlayıb, mənim doymağımı gözləyirdi. Şərqdə kübar məclislərində belə bir adət vardır: ən hörmətli və csərsüfrəp. adlanan zat başını məcməyidən qaldırdıqda bütün süf- Iı Sərsüfrə – yəni süfrənin başında oturan hörmətli şəxs, İranda sərsüfrə əlini xörəyə uzatmamış heç kəsin xörəyə əl uzatmağa ixtiyarı yoxdur. Elə də xörəkdən qalxdığı zaman hamının qalxması lazımdır. rədə oturanlar əlini xörəkdən çəkməli və belini düzəltməlidir. Buna görə də sərsüfrələr başqalarını yeməkdən məhrum etməmək üçün özünün doyduğuna baxmayaraq, belini düzəltməz. Mən Hacı Səməd xanın doyduğunu görüb, əlimi saxlayıb durdum, o isə bunu hiss edərək: – Əlhəmdülillah! – deyərək belini qaldırdı, qapının qabağında duran xidmətçilər isə gəlib məcməyiləri apardı, mən yenə də aşpazin və xidmətçilərin cəzasız qalacağına təəccüb etdim. Lakin sonradan yadıma düşdü ki, bu gecə cümə axşamı idi, ümumiyyətlə, Şərq hökmdarları və Şərq feodalları cümə axşamları heç kəsi cəzalandırmazlar. Mən gecə saat dörddə Hacı Səməd xanın avtomobili ilə evə qayıtdım. * * * Evdə hamı oturub məni gözləyirdi. Balaca Məcid belə məndən nigaran qalmışdı, çünki Nizamüddövlə bağına gedənlərin, hər kəs olursa-olsun, haqqında nigaran qalmamaq və narahat olmamaq mümükün deyildi. Onlar məni şam yeməyi üçün də gözləmişdi. Gecə saat beşdə ulduzların şəfəqi söndüyü və dan ulduzu parlamağa başladığı vaxt biz də: «Gecəniz xeyrə qalsın», – deyə Ninadan və Məciddən ayrılıb Ələkbər yoldaşla bərabər yatmağa getdik. Lakin mən bir dəqiqə də olsun yatmadım. Təbrizdə başlanmış təzə macəranı öyrənmək üçün nə qədər düşünürdümsə, yenə bir çarə tapa bilmirdim. Mən belə zamanlarda Hüseynəli əmi və yainki onun arvadı Səriyyə xala ilə vaxtımı keçirər və fikrimi qismən dincəltmək istərdim. Yerimdən qalxdım, yuyunub həyətə çıxdım. Nazik qar düşmüşdü. Hüseynəli əmi əlində süpürgə qarları təmizləyir və alnının tərini silirdi, yorulmuşdu. Nədənsə bu gün Səriyyə xala da onun köməyinə gəlməmişdi, çünki hər gün həyəti yığışdırıb yorulduğu zaman, Səriyyə xala gəlib onun əlindən süpürgəni və kürəyi alıb işə məşğul olar, Hüseynəli əmi isə çubuğunu doldurub çəkməyə başlardı. Hüseynəli əmi məni görən kimi adəti üzrə gəlib: – Sabahınız xeyir! – dedi, – Nə üçün belə tezdən durdunuz? Ge- «əni də ki, çox gec gəlmişsiniz. – Bəli, Hüseynəli əmi, yuxu məni aparmadı. O bu sözlərdən sonra süpürgəni divara söykədi, həmişə olduğu kimi qurşağından asdığı və ucunu arxalığının cibinə saldığı qısa çubuğunu çıxardı. Əvvəlcə çox ehtiyatla çubuğun başından məftil badgiri" götürdü. Çubuğun başından nazik bir zəncir vasitəsilə asılmış olan dəmir mili götürüb çubuğun başını qurdaladı, yanıq tənbəkini onun ucu ilə təmizləyib yerə tökdü, sonra çubuğu bərkdən piləyib nəfəs verib-verməməsini yoxladı və belindəki göy rəngli dəsmal ilə çubuğun özünü və başını o ki lazımdır təmizlədi. Çubuğu sağ tərəfindən asılmış tənbəki kisəsinə salıb bir-iki kərə o tərəf-bu tərəfə dolandırdı, çıxarıb barmağı ilə bərk-bərk basdı və sivirib artıq tənbəkini kisəyə tökdü, yenə də dartıb kisənin ağzını bağladı və yanına buraxdı. Mən oturub diqqətlə tamaşa edirdim. Çoxdan bəri buna adət etmişdim. Nədənsə o öz çubuğunu kibritlə yandırmazdı. O, çubuğu hazırlayıb divara söykəmək istədiyi zaman mən alıb saxladım, çünki bəzən o çubuğu divara söykədiyi zaman çubuğun dağıldığını görmüşdüm, bu kimi hallarda Hüseynəli əmi çubuğu təzədən doldurmaq üçün yarım saat artıq vaxt sərf edirdi, bu isə onun çubuğa olan marağını söndürürdü. Çubuğu saxladım, o əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı və yanından asılan dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı, çubuğun başına qoydu, tənbəkinin üstünə oturması üçün yastı bir dəmirlə də basıb sonra badgiri üstünə taxdı və kamal-ləzzətlə nəfəs vurmağa başladı. Mən ona sual verdim: – Hüseynəli əmi, nə üçün çubuğunuzu kibritlə yandırmırsınız? – Çünki kibrit tənbəkinin ləzzətini aparır, bir də budur ki, kibrit müsəlman əlindən çıxmır. Nina da bizim səsimizi eşidərək, isti paltarını geyinib həyətə çıxdı və çıxan kimi də Hüseynəli əmiyə belə bir sual verdi: – Bəs Səriyyə xala hanı? Nə üçün bu gün sizə kömək etməyə çıxmamışdır? Hüseynəli əmi bu sualdan güldü və mənim üzümə baxdı. O, sanki bu baxışla mənə sual verirdi, çünki o, çox baməzə qoca idi, zarafat etməyi və lətifə söyləməyi çox sevərdi. Mən onun nə məqsədlə gülüb, mənə baxdığını hiss etdim və göz işarəsi ilə «başla) dedim. Nina onun təxirini görərək bir daha sual verdi: – Yəqin ki, onu çox sevirsiniz, onun üçün də çox yatıb rahat olmasını istəyirsiniz, belədirmi? – Bəli, belədir, özünü yox, yatmasını sevirəm. O durub mənə kömək edəndə yalnız əllərim dincəlir, amma yatıb səsi çıxmadığı zaman bütün bədənim, fikrim, ruhum da dincəlir. Onun üçün də deyirəm qoy yatsın, onlar bundan ötrü də yaranıblar. – Görünür ki, aranızda bir ixtilaf çıxıbdır. – Yaxşı, arvadın özü başdan-ayağa ixtilaf deyildirmi? Nina yenə də soruşdu: – Bəs nədəndir ki, başqa kişilərlə başqa arvadların arasında ıxtilaf yoxdur? Hüseynəli əmi: – Onların ya ikisi də kişidir, yainki ikisi də arvaddır, – deyə, cavab verdi və sözü özünə xoş gəldiyi üçün bərkdən güldü. Mən onun yaxasından əl çəkmədim: – Deyin görüm, bu gün Səriyyə xala nə üçün həyətə çıxmamışdır? – Bir az dalaşmışıq, – dedi, – xanımın xatirinə toxunmuşam, onun üçün bu gün köməyimə gəlməmişdir, qoy gəlməsin. – Nə üçün dalaşırsınız? Siz ki, mehriban yoldaşlarsınız. – Bəzən arvadlığına salır, özü məni buna məcbur edir, özünə lazım olmayan işlərə qarışır, məni acıqlandırır. – Nə kimi işlərə qarışır? – Xəyalım vardır ki, bu il ağa qulluğuna gedim. – Yoxsa bu ağanın xidmətindən çıxıb başqa ağanınmı yanına getmək istəyirsiniz? Məncə, bu yaxşı iş deyil, Məşədi Kazım ağa sizi bir xidmətçi kimi yox, özünün ən yaxın bir adamı kimi saxlayır, nə üçün də başqa yerə gedirsiniz? – Yox, siz məni anlamadınız, mən İmam Hüseyn qulluğuna getmək istəyirəm, çünki yaşım keçmişdir. Kərbəla qulağımın dibində ola-ola mən bir dəfə də ziyarətə getməmişəm. Məndən əskikləri bir neçə kərə gedibdir. Elə pinəçi Nəcimi götürəndə dörd kərə İmam Hüseyn, bir kərə də İmam Rzanın qulluğuna gedibdir. Başmaq qoyan Zülfüqarı, təndirçi Kəblə Məhəmmədi, saqqal Qulamı, tabaqçı Qafarı götürəndə hər birisi neçə kərə ağaların ziyarətinə gedibdir. Amma bu zalımın qızı mənim getməyimə mane olur. Nə var, nə var ki, qışdır, sənə soyuq dəyərə. Siz Allah, heç bunun sözə dəxli var? – Hüseynəli əmi, qış zamanı yola çıxmağınızı mən də məsləhət görmürəm. Səriyyə xala haqlıdır. Qoca adamsan, gedərsən, yolda soyuq dəyər, başına bir iş gələr. İndi ki, pulun vardır, ziyarətə də getmək istəyirsən, saxla yaxşı bir vaxtda get. Hüseynəli əmi güldü: – Mən isti düşəndə iyirmi tüməni haradan tapıb ziyarətə gedə biləcəyəm? – Bəs qışda haradan tapacaqsan? – Eşitmişəm ki, Kərbəlaya gedənlərə pul verirlər. – Ola bilməz, Hüseynəli əmi! – Hər şey ola bilər. İmam əleyhüssəlamın səfayi batinindən nə üçün də ola bilməsin? – Doğrudur! İmamın dövlətindən hər şey ola bilər. – Belə hal İndi ki, ola bilər, daha nə üçün şəkk gətirirsiniz? Bir çoxları öz yol xərcliyini alıb, yol başmaqlarını tikdirib, qumqumasını? alıb yola düşməyə hazırlanır. – Bu pulu harada verirlər? – Onu öyrənəcəyəm. Dünən cümə axşamı olduğu üçün Seyid İbrahim məqbərəsinə ziyarətə getmişdim. Tayqulaq Kəblə Novruza rast gəldim, o dedi ki, bacım oğlu Hüseynqulu, öz gözü ilə Qurbanın 20 tümən ziyarət pulu aldığını görübdür. Mən onlardan naməlum adam deyiləm ki?1 Onlara 20 tümən verəndə mənə 30 tümən verərlər. Özüm mömin adam, bir dəfə olsa da namazımı qəzaya qoymamışam, ömrümdə bir gün oruc yediyim də yoxdur, səkkiz yaşımdan başlayıb Allahın borcunu verirəm. VSu daşıyan. 2 Qumquma - dəmirdən qayrılmış su qabıdır. Kərbəlaya gedənlər onu su ilə doldurub yanlarından asarlar və su çətin tapılan yerlərdə işlədərlər. – Doğrudur, – dedim və Hüseynəli əmi ilə vidalaşıb içəri girdim. Hüseynəli əminin sözlərindən qəti bir nəticə çıxara bilməsəm belə, Təbrizdə dini bir təşkilatın düzəlməsi haqqında qənaət hasil etdim. Hüseynəli əminin söhbətləri mənə böyük bir xəyanətin izlərini nişan verirdi. Səhər çayı hazır idi, hamı mənim otağıma yığışmışdı, Məşədi Kazım ağa da öz arvadı ilə bərabər çay üçün yağlı çörək və dadlı yeməklər götürüb gəlmişdi. Məşədi Kazım ağa yenicə oturmuşdu, qapının çaxçağı vuruldu, azdan sonra Mahru xanım gəldi. Onun və Məşədi Kazım ağanın arvadının səhər çayında iştirak etməsi yuxusuzluqdan aldığımız kəsaləti tamamilə rədd etdi. Mahru xanımın dediyinə görə keçən gecə Rəşidülmülkün evində Sultanüzzakirin, Misbahüzzakirin, Misgəroğlu Molla Məhəmməd, Hacı Molla Mehdi və sairlərinin iştirakı ilə uzun bir müşavirə olmuş imiş. Mən heç də düşünmədən və fikirləşmədən Məşədi Kazım ağaya müraciətlə: – Sabahdan etibarən öz evlərini lazımınca pərgarlarsan. – Nə üçün? – İmam Hüseyn təziyəsi saxlamağın lazımdır. Məşədi Kazım ağa təəccüblə gözlərimin içinə baxaraq dedi: – Deyəsən axı məni sərimisiniz? – Sənin başın üçün sərimək-zad yoxdur. Gərək elə bir hazırlıq görəsən ki, bütün Təbrizdə misli görünməsin, elə hazırlıq görəsən ki, Hacı Səməd xan və konsula layiq olsun. – Sən öləsən, heç başıma girmir, siz hara, İmam Hüseyn təziyəsi hara? – Sonra bu barədə danışarıq, ancaq siz işinizdə olmalısınız! – Dadaşın canı üçün elə bir cəlal düzəldim ki, Təbriz xalqı o cəlalı vəliəhd təkyəsində də görməmiş olsun. Amma heç də inana bilmirəm... – İnanın, bu mənim üçün lazımdır. Mərsiyəxanlardan Sultanüzzakirin, onun şagirdi Misbahüzzakirin, Molla Məhəmməd Misgəroğlu, Hacı Molla Mehdi və sairlər iştirak etməlidir. Məşədi Kazım ağa Sultanüzzakirinin oxumasına etiraz edərək: – Hələ başqalarına sözüm yoxdur, – dedi, – Sultanüzzakirinin əks-inqilabçı olduğunu ki, bilirsiniz, Misbaha gəlincə, o da Təbrizin məşhur lotusudur, peşəsi sərxoşluq və əxlaqsızlıqdır. Mən əlimi onun çiyninə qoyaraq dedim: – Mənim dostum, insan əks-inqilabçı, lotu, fırıldaqçı əxlaqsız olmasa, mərsiyəxan ola bilərmi? İnsanı ağlatmaq və pul almaq nə deməkdir? Lakin xalqın əleyhinə düzələn böyük bir fırıldağı öyrənmək və ifşa etmək üçün bu fırıldaqçıları bir yerə toplamaq lazımdır. Düzəldəcəyin təziyə məclisi olduqca zəngin və təntənəli keçirilməlidirl * * * İmam təziyəsi Təbrizdə məşhur adətlərdən birisi də evlərdə İmam Hüseyn təziyəsi saxlamaqdan ibarətdir. Lakin bu adət müəyyən adamlar tərəfindən müəyyən məqsədlə davam etdirilir. Məsələn, birisi təzə imarət tikdirmişsə, imarətini göstərmək üçün evində İmam təziyəsi saxlar. Başqaları evindəki zənginliyi nişan vermək məqsədi ilə camaatı İmam təziyəsi bəhanəsi ilə evinə yığar. Məşədi Kazım ağa inqilabdan əvvəl az sərmayəli bir adam idi. İndi isə o, məşhur varlılardan birisi, milyon sahibi idi, milyonların məsələsini həll edirdi. O özünü nişan vermək üçün bundan da əlverişli bir vasitə tapa bilməzdi. Onun bir inqilabçı olaraq İmam təziyəsi saxlaması üçün də kimsə onu məzəmmət etməyəcəkdi. Əvvəla, o, inqilaba şəxsi mənfəəti üçün qoşulmuşdu, ikinci də, onun başqa tacir həmməsləkləri də adlarını demokrat qoyduqları halda din və məzhəb adətlərinin bir çoxunu davam etdirirdilər. Məşədi Kazım ağa özünün beş yüz nəfərlik salonunu və onun yanlarındakı böyük otaqları Saruq, Kirman və Xorasanda toxunmuş zəngin və nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə də o mizanda diqqət vermişdi. Böyük şöhrət düşkünü olan Məşədi Kazım ağanın çalışdığı bir nöqtə varsa, o da Təbrizdə heç əyan və mülkədara məxsus olmayan əntiqə və nəfis şeyləri evinə yığmaqdan ibarət idi. Saksoniyadan gətirilmiş nəfis və zərif lampalar, Londonda sifariş verilmiş yüz şamlı çilçıraqlar, Paris və sair Avropa paytaxtlarından alınmış qablar, məşhur rəssamların oriyinal tabloları və sairəni Mə- şədi Kazım ağanın salonunda görmək olardı. Bütün qabların, lampaların, çilçıraqların, hətta nəlbəkilərin üstündə: «Sifarişi-ümdəttüccar vələazüm ağayi Məşədi Kazım? sözləri yazılmışdı. Bütün qəlyanların üstündə (hər bir iranlının evində olduğu kimi) Nəsrəddin şahın kəşidə və yoğun bığlarını, Müzəffərəddin şahın kobud bumu ilə gödək boynu, Zillisoltanın məğrur gözlərini və Məmmədəli şahın qaba və nahamvar simasını görmək mümkün idi. Məşədi Kazım ağa hər ehtimala qarşı, özünü məşhur cəllad Təbriz hakimi Hacı Səməd xan Şücaüddövləyə dost və tərəfdar göstərmək üçün onun təsviri ilə də bir neçə qəlyan sifariş vermişdi. Qəlyanların üstündə çox gözəl xətlə Hacı Səməd xanın şəklinin ətrafında bu sözləri yazdırmışdı: «Təsviri-binəziri-valiyi-vilayəti Azərbaycan, Əmir-noyan Şücaüddövlə Hacı Səməd xanə. Bu yazılarla bərabər Hacı Səməd xanın sallanmış bığları, tuluqlanmış göz qapaqları və sair bu kimi xüsusiyyətləri də diqqət-nəzəri cəlb edirdi. Məşədi Kazım Hacı Səməd xanın şəklini də Ermənistandakı TƏSsamlara sifariş etdirib böyük bir ölçüdə düzəltdirmiş və salonun yuxarı başında divardan asmışdı. Məşədi Kazım ağa küçə qapısının başında təziyə əlaməti olaraq qara bayraq vurmuşdu. Qara bayrağın üstündə ağ xətlə bu şeir yazılmışdı: cİn Hüseyn kist ki, aləm həmə divaneyi-ust, Vinçi-şəmist ki, canha həmə pərvaneyi-ustə.) Qəlyan və çay gətirmək üçün əlli nəfər xidmətçi qara geyinmişdi, siyahıda göstərilən mərsiyəxanlardan başqa iyirmi nəfər də əlavə mərsiyəxan dəvət edilmişdi. Təziyə məclisinə gələn yoxsulların hər birinə bir qran pul ehsan verilməsi qərara alınmışdı. Hacı Səməd xanın macərasını ifşa etmək məqsədi ilə təziyə düzəltmək doğru bir yol olmasa belə, bunu bərpa etmək üçün bir məcburiyyət də var idi, çünki bütün Təbrizdə təziyə saxlamayan yer yox idi. Bu məsələ bir ənənə şəklini almışdı, biz kənarda qalsaydıq, həm konsulun, həm də Hacı Səməd xanın şübhəsini qazanmış olacaqdıq. Məşədi Kazım ağa minbərin dibində növhə və fərd oxumaq üçün Təbrizin gözəl səsli gənc növhəxanlarını dəvət etmişdi. Hər iş düzəlmişdi, indi isə Hacı Səməd xana və sair hökumət adamlarına dəvətnamələr göndərib təziyə məclisinə dəvət etmək lazım idi. Eyni zamanda Məşədi Kazım ağaya aşpazxanasını düzəltmək və təziyədən sonra mərsiyəxanlardan bəzisinə, o cümlədən Sultanüzzakirinə şam yeməyi vermək işi də tapşırılmışdı, çünki mərsiyəxanların bir qarın plova ən böyük sirləri satacaqlarını bilirdik. Hacı Səməd xana belə bir dəvətnamə göndərilmişdi: «Həzrət əşrəfdən rica olunur evimizdə saxladığımız həzrət Seyyidüşşühəda təziyəsini rövnəqləndirmək üçün bu ayın 14-də axşam saat səkkizdə bəndəxanəmizə təşrif buyursunlar. Xeyirxahı-vətən Əbülhəsənə. Fəxri dəvətnamələrdən bir çox əyanlara və tacirlərə göndərdiyimiz kimi, çar konsulxanası və mütərcimlərindən Mirzə Ələkbər xan və Mirzə Fətulla xan üçün də göndərmişdik. Biz Hacı Səməd xanın Rəşidülmülkü görəcək gözü olmadığını bilirdik, buna görə də Hacı Səməd xanın icazəsi olmadan ona dəvətnamə göndərməməyi qərara almışdıq. Əvvəlinci gecə Hacı Səməd xanın iştirak edəcəyini bilərək Təbrizin ən mürtəce, ən müstəbid əks-inqilabçı mərsiyəxanları oxuya- «aq idi. "Təbriz təkyələrində növhəxan birinci rol oynayır. Əvvələn, mərsiyəxan minbərə çıxanda növhəxanlar onun başlayacağı mövzunu oxuyur. İkincisi, mərsiyəxanın minbərdə dincəlməsi üçün yerdən oxumağa başlayır. Üçüncüsü də, mərsiyəxanın sifətcə gözəl şagirdi olmalıdır. Təziyə məclisinə toplanan əyan və tacirlərin hamısı, təziyəsinə gəldikləri İmam Hüseynlə yox, salonda və otaqlardakı qiymətli şey- lərlə maraqlanırdı. Onlar şeylərin gözəlliyi və qiyməti-haqqında da- nışırdılar. Hacı Səməd xan Nizamüddövlə bağından hərəkət etdiyini tele- fonla xəbər verdikdə evdəkilərdən bir çoxu hakimi istiqbal üçün qapıya çıxdı. Mən və Məşədi Kazım ağa qabaq cərgədə durmuşduq. Saat doqquza beş dəqiqə işləyəndə Hacı Səməd xanın avtomobili qapıda dayandı. Bunu da qeyd etmək lazımdır ki, çar himayəsində olan əks-inqilabçılar, yaltaqlar Hacı Səməd xanın avtomobilinin yanınca, palçıq içərisində qaça-qaça piyada gəlmişdilər. Mən və Məşədi Kazim ağa Hacı Səməd xanın qolundan tutub avtomobildən düşürtdükdə qapıda duran camaat: €Zindəbad həzrət əşrəf! Zindəbad Hacı Şücaüddövlələ – deyə qışqırırdı. Hacı Səməd xan əyilən başlardan düzəlmiş canlı hasarın arasından keçib həyətə girdi və həyətin divarlarındakı təzi yə əlamətlərini gördükdə: – Mərhəba! – dedi. – Səliqəniz həzrət Seyyüdüşşühədanın şəninə layiq bir səliqədir. Bunu adi adamlar bacarmaz, təziyə saxlayanda da mədəni bir surətdə saxlamaq lazımdır. Balkona çıxdı, onu balkonda əyninə qara geyinmiş əlli nəfər gənc xidmətçi istiqbal etdi. Bura onun nəzərini daha artıq cəlb etdi. Tacir və əyanların müşayiəti ilə dəhlizdən keçib salona daxil oldu. Cəllad özünü şaşırdı, çünki o, bu cür salonu nə özündə, nə də başqalarında görmüşdü. Hacı Səməd xan özünün böyüdülmüş təsvirini çarın və çar konsulunun yanında gördüyü zaman sevindiyindən özünü ələ ala bilmədi, mənim əlimi sıxaraq: ” Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam, - dedi. Salonu diqqətlə nəzərdən keçirdi və sonra da mənə tərəf dönərək: – Cənab general-konsula xəbər verməmişsinizmi? – dedikdə mən: – Nina xanım gərək ki, xəbər vermişdir, – dedim. Hacı Səməd xan göz gəzdirib yanında konsulun mütərcimi Mirzə Ələkbər xanı gördü və ona müraciət edərək: – Zəhmət çəkib cənab generala xəbər verin və mənim tərəfimdən ərz edin ki, Hacı Şücaüddövlə sizi cənab Əbülhəsənbəyin evindəki İmam təziyəsində gözləyir, öz maşınını da sizin təşrifiniz üçün göndərdi. Hacı Səməd xan hələ yerə oturmamış məndən soruşdu: – Rəşidülmülkə dəvətnamə göndərilməmişmi? – Xeyr! Həzrət əşrəfdən icazə almamış göndərmək istəmədik. Hacı Səməd xan bu sözdən həddindən artıq şadlandı və əlimi sıxaraq: – Namusuna qurban! – dedi. – Bir dəvətnamə göndərin gəlsin, yoxsa ki, generalın şübhəsinə səbəb olar. Rəşidülmülk üçün dəvətnamə və fayton göndərildi. Hacı Səməd xan yenə də divardakı tabloları, montaiları və sairləri gözdən keçirdikdə salondakılar da ətəklərini sürüyə-sürüyə onun kölgəsi kimi dalınca dolanırdı. Çar konsulunun gəlmək xəbəri çar agentləri, çar təbəələri və çar himayəsində olanların təntənəli bir şadlıq nümayişi şəklini aldı. Qapıda duranlar bir-birini dümsükləyib çar konsulunun gözünə görünmək üçün irəli soxulurdu. cZindəbad imperatorlə səsləri Təbriz təkyələrində olan «Va Hüseynlə səslərinə qalib gəlirdi. cZindəbadə səsləri içərisində arabir €Zindəbad Hacı Səməd xanə səslərini də eşitmək olurdu. Konsulu salona müşayiət edənlərin cərgəsindəki ağ və yaşıl əmmaməlilərin sayı hamıdan artıq idi. Mənim nəzərimi konsulu salamlamaq mənzərəsi hamıdan artıq cəlb etdi. Əlini döşünə qoyub belini əyənlərdən başqa, börkünü çıxaran, başı qırxılmış əbalı tacirlər də var idi. Konsulun özü də ona əmmaməsini çıxarıb salam verən bir neçə seyidə güldü. Konsul küçədən salona girincəyə qədər yaltaqlığın bütün şəkillərini görmək, gülünc və hətta acı səhnələrə tamaşa etmək mümkün idi. Konsul salona girdikdə Hacı Səməd xan özünün konsuldan asılı olmadığını göstərmək üçün onun istiqbalına getmədi, o, konsulun əlini salonun ortasında sıxdı və konsul onun qolundan tutub salonu gözdən keçirməyə başladı. Konsul divarlarda 1I Nikolayın, onun ailəsinin, Səməd xanın və özünün böyüdülmüş şəkillərini görərkən şad bir vəziyyət aldı və Hacı Səməd xana müraciət edərək: – Mən çox fəxr edirəm ki, İranda bizim Əbülhəsənbəy kimi mədəni, namuslu, səmimi və dinçi dostumuz vardır, – dedi. Xüsusən general-konsul salonun təntənəsini, xidmət edənlərin təmizliyini gördüyü zaman mənim əlimi bir daha sıxaraq: – Mən sizi çoxdan tanıyırdım, sizin mədəni bir zat olduğunuzu Nina Nikitinaya etdiyiniz hörmətlərlə ölçmüşdüm, lakin bu gün gördüyüm qədər tərəqqipərvər bir zat olduğunuzu bilmirdim. Konsul bu son sözlərini təkrar olaraq Hacı Səməd xana və yanındakı mütərcimlərinə də dedi: – Mən bir çox ziyalı iranlılarla tanışam. Şərq aristokratiyasının mədəni səviyyəsini çox gözəl bilirəm. Lakin cənab Əbülhəsənbəy bunların heç birisinə bənzəməz, çünki mənim tanış olduğum bir çox iranİılar vardır ki, tərəqqi və mədəniyyəti dinsizlikdə axtarır. Əbülhəsənbəyə gəldikdə, o öz rəftarında, səliqəsində tərəqqi və mədəniyyətin ancaq dini əsaslar üzərində qurulmasına qail olduğunu göstərmişdir. Biz çalışıb, Əbülhəsənbəy kimi adamları İran ziyalı və İran aristokratları üçün nümunə göstərməliyik. Biz xalqa deməliyik ki, tərəqqi və mədəniyyət yalnız dini əsaslar üzərində inkişaf edə bilər. Onlar bu cür söhbətlərlə salonu dolaşdılar, sonra da salonun artırmasında qoyulan dəyirmi mizin yanında düzülmüş kürsülərdə oturdular. Rəşidülmülk də gəlib bunların yanında oturdu. Mizin üzərində hər cürə siqarlar və papiroslar qoyulmuşdu. Hələlik məclisə qəlyan verilməmişdi. Hacı Səməd xan özündən icazə gözlənildiyini hiss edərək: – Ağalara qəlyan gətirin! – deyə bir ev sahibi kimi əmr verdi. Ortalığa gələn qəlyanların zərifliyi Hacı Səməd xanı məftun etdi. Onun yanına öz təsviri çəkilmiş zərif qəlyan qoyulduqda, əvvəlcə təsvirin ətrafında yazılan cümlələri oxudu: «Təsviri-binəzri-valiyi-vilayəti Azərbaycan, Əmir-noyan, Şücaüddövlə Hacı Səməd xanə. Məclisə salonun müxtəlif qapılarından bir anda əlli qəlyan gətirildi. Artıq qəlyanların səsindən heç kəs bir-birini eşitmirdi. Ətir səpilmiş salonun təmiz havası birdən-birə dəyişdi. Əlli nəfər qəlyan çəkən nə qədər qüvvəti varsa tənbəkinin tüstüsünü içərisinə çəkib öz ağzının qoxusu və üfunəti ilə bərabər salona buraxırdı. Məclisə çay verildiyi zaman Hacı Səməd xan, Rəşidülmülk və konsul üçün də çay gətirilib dəyirmi mizin üzərinə qoyuldu. Bir az sonra çay və qəlyan dayandırıldı, çünki Təbrizin adətinə görə mərsiyə başlandığı zaman çay və qəlyan sərf etmək adət deyildi. Lakin bir çoxları qəlyanın qəmişini çox çətinliklə ağzından buraxırdı. Nəhayət, Hacı Səməd xan bir kərə: – Axundlar başlasınlar, – dedikdə sanki qurbağalar quruldayan gölə daş atıldı, sakitlik oldu. Ən qabaqca Hacı Səməd xanın arzusuna görə Məmmədəli şahın mərsiyəxanı Sultanüzzakirin qalxıb kürsünün üstündə oturdu və heç bir müqəddimə başlamadan xalqı ağlatmağa çalışdı, çünki Təbrizdə, Qafqaz şəhərlərində olduğu kimi mərsiyəxan minbərdə bir saat, iki saat yox, ən çoxu 10-15 dəqiqə oturmalıdır. O, müxtəsərcə salam oxuduqdan sonra sözünü belə başladı: – Zəmani ki, həzrət Seyidüşşühədanın əvan və ənsarını dərə- «əyi-şəhadətə yetirdilər, həzrət öz atı Zülcənahıl minib meydana təşrif gətirdi və üzünü Kufə və Şamın qoşununa tutub buyurdu: «Aya, bizə cəddim rəsulillah xatirinə bir kömək edən vardırmı? Həzrət Seyidüşşühədanın bu səsinə səs verən olmadı, ancaq xeymələrdə bu səsi həzrətin altı aylıq oğlu, cənab Ələsgər eşitdi, südəmərağa beşikdən əllərini çıxarıb ağladı və zəban-halilə ərz elədi ki, «Baba, ya əba-əbdülla, mənəm sənin köməyinlə Ya Hüseyn, sənin nökərin Soltanüzzakirin arzu edir ki, sən Yezidin qoşunundan kömək istəyib cavabsız qaldığın zaman imperator həzrətlərinin düşmənə qan ağladan rəşid kazakları Kərbəlada olaydı, imperatorun qoşunları bir səslə deyəydilər ki, €Ya əba-əbdulla, ata-anamız sənə fəda olsun, bizik sənin köməyinlp Camaatın başında başlıq qalmamışdı, ağlayanlar bir əli ilə başına vurur, gözləri ilə də çar konsuluna baxırdı. Konsul da özünün bu uyğunsuz hərəkətlərə qarşı təəccübünü bildirməmək üçün dəsmalı üzünə tutub durmuşdu. Rəşidülmülk və Hacı Səməd xan isə doğrudan da, ağlayırdılar. Məclisdə ürəyi keçənlər və özünü döyənlər, inildəyənlər də var idi. Artıq konsul mövhumat çuxurlarında çapalayan bu xalqda çarın müstəmləkə siyasətinə etiraz edəcək dərrakə olmadığına ürəkdən inanırdı. Sultanüzzakirindən sonra dörd nəfər daha kürsüyə çıxdı, lakin Sultanüzzakirin qədər camaatı ağlada bilmədi. Konsula və Səməd xana görünmək və bir qəlyanla bir stəkan çay içmək üçün başına-gözünə döyüb tərləyən müsəlmanlar, məclisdən çıxıb Təbrizin qaranlıq küçələri ilə uzaq məhəllələrə getməyə başladılar. Biz də konsul və Hacı Səməd xanla bərabər durub başqa bir havasi təmiz olan otağa keçdik. Onlardan ötrü şam yeməyi hazırlanmışdı. Nina konsulun və Hacı Səməd xanın görüşünə gəldi. O da rolda idi, onun təziyə münasibəti ilə hər bir libası qara idi. O, Təbrizin adətincə əvvəlcə Hacı Səməd xanın əlindən öpdü və konsulun əlini sıxıb oturdu. Sonra da onların hər ikisinə müraciətlə: – Hərgah İmam Hüseyn təziyəsi olmasaydı, şübhəsiz ki, siz cənablar tənəzzül edib, bizim evimizə gəlməyəcəkdiniz, – dedikdə Hacı Səməd xan da cavabında: – Maşallah, bərəkallah, qızım! – deyərək əli ilə onun saçlarını sığalladı. Konsul öz növbəsində: – Mən, - dedi, – arzu edərdim ki, bütün qızlar Nina xanım kimi xoşbəxt bir qız olaydı! Onlar bu mövzu üzərində çox dayandılar, nəhayət, konsul getmək lazım olduğunu saata baxmaqla işarə etdi. Nina xanım da cavabında: – Rica edirəm, saatınıza tez-tez baxmayasınız. Sizdən və həzrət əşrəfdən ötrü öz əlimlə şam yeməyi hazırlamışam. Hərgah cənab general icazə versəydi, böyük xanım və kiçik xanımlar da gəlib başımızı uca edərdi. Bir yerdə duz-çörək kəsərdik, – dedikdə konsul: – Etirazım yoxdur, maşını göndərin gəlsinlər. Lakin telefonla da xəbər veriniz ki, maşın gedənə qədər hazırlansınlar. Yenə söhbət başlandı. Konsulun ailəsi gəlincəyə qədər yenə də çay və qəlyan gətirdilər. Söhbət arasında Hacı Səməd xan mənə sual verdi: – Cənab ağa bu təziyəni hər ilmi saxlayır? – Keçən illər qarışıqlıq olduğu üçün saxlaya bilmədik, indi isə həzrət əşrəfin və cənab generalın dövlətindən əmin-amanlıqdır. Bir də budur ki, Nina xanım çox ağır bir surətdə xəstələnmişdi, diri!məyinə ümid yox idi, onun səhhət tapması üçün on gün Həzrət Seyidüşşühəda təziyəsi saxlamaq və iyirmi nəfərin də xərcini verib İmam Hüseyn ziyarətinə göndərməyi nəzir etmişik. Hacı Səməd xan qalxıb alnımdan öpdü və mənim dediklərimi bir daha konsula anlatmağa başladı: – Ağanın iyirmi nəfəri Kərbəlaya göndərmək üçün nəzri də var imiş! – dedikdə konsul mənim əlimi sıxaraq: – Çox gözəl təsadüfdür, – dedi. – Bu il biz də qırx-əlli nəfər müstəhəqq adamlardan seçib Kərbəla ziyarətinə göndərmək istəyirik. Bu işə birlikdə başlasaq daha müvəffəqiyyətli olar, – dedi. Bu sözlərə əlavə olaraq Hacı Səməd xan da danışdı: – Qırx nəfər də mənim nəzrim vardır. Cənab Rəşidülmülkü də buna məcbur edərik, o da otuz-qırx nəfər göndərə bilər, imam yoludur, heç olmasa bu il yüz iyirmi nəfər ziyarətə göndərmək lazımdır. Mən yavaş-yavaş məqsədə yaxınlaşdığımızı hiss edərək sevindim və əlavə olaraq onlara öz təşəkkürümü izhar etməklə: – Çox yaxşı olardı ki, Kərbəlaya göndəriləcək müstəhəqq adamların siyahısını düzəltmək işini həzrət əşrəf xəbərdar bir adama tapşıraydılar, çünki mən burada çox az adamı tanıyıram, təbrizli olduğuma baxmayaraq, təbrizliləri tanımaqda çox acizəm. Konsul məni çox dərin bir diqqətlə dinləyirdi. O mənim sözlərimi öz məqsədinə uyğun gördüyündən, gözlərindən razılıq yağırdı, buna görə də o öz lakeyinə (Səməd xana) müraciət edərək: – Ağanın bütün fikirləri həzrət əşrəfin müqəddəs fikirlərinə uyğundur. Yaxşı olardı ki, cənab ağa, həzrət əşrəfin başqa təşəbbüslərində də iştirak edəydi, – dedikdə Hacı Səməd xan bir az o tərəf-bu tərəfə dönərək mütərəddid bir vəziyyət aldı və nəhayət: – Bəndə ağanın tədbirli və zəkalı bir zat olduğunu bilməmiş deyiləm. Lakin cənab ağaya zəhmət vermək istəmirdim, hərgah cənab genaral bunu məsləhət görür və ağanın özü də bu müqəddəs vəzi- fədə iştirak etməyi arzu edirsə, buna bəndə qəlbən və ruhən razılıq verə bilərəm. Mən sevindiyimdən nə edəcəyimi və nə deyəcəyimi bilmirdim, çünki onlar mənə öz sirlərini açmaq istəyirdilər. Buna görə də razı bir baxışla onlara baxaraq: – Bəndə cənab generalın və həzrət əşrəfin mənə həvalə edəcək- ləri vəzifələri böyük bir xoşbəxtlik kimi qəbul edərəm. Cənab generalın və həzrət əşrəfin İran xalqının səadəti üçün çalışdığını hamıdan artıq mən bilirəm. Bu söhbətlərim Hacı Səməd xanın qəlbinin qapılarını açdı, məqsədini söyləməyə məcbur etdi. Əlini bığlarına aparıb sığalladı, sonra da: – Ağa üçün gizlin deyil ki, bu bir neçə ilin inqilabı və qarışıqlığı, ümumiyyətlə, İran əhalisinin əxlaqını pozubdur, – dedi. – Camaat dini və dini adətləri, məzhəbi, təriqəti, ənənəni get-gedə aradan qaldırmaqdadır. Məkkəyə, Məşhədə, Kərbəlaya gedənlərin sayı yüzdə əlli azalıbdır. Xalqımızın birisi sufi, birisi dəhri, o birisi babi və bəhai, bir çoxları isə demokrat və sosialist olmuşdur. Buna görə də mənim fikrim budur ki, biz yenə də əlbirliklə çalışaq və xalqımızı öz köhnə dininə, öz köhnə əqidəsinə döndərək. Ağaya məlumdur ki, bütün başıpozuqluq və iğtişaş dinsizlikdən və Əqidəsizlikdən vücuda gəlir. Buna görə də çalışıb camaatımızı mərsiyəyə, təziyəyə və İmam Hüseyn ziyarətinə öyrətmək lazımdır. Ancaq bununla da biz, bu camaatı dinsizlik əlindən xilas edə bilərik. Bu barədə cənab general da mənim fikrimi bəyənibdir. Əvvəlcə Təbrizdə din təbliğatını gücləndirmək, məscidlərə və təkyələrə rövnəq vermək və bu yol ilə də bəzi fikirləri xalqın başından çıxarmağı xəyalımda qoymuşam. Hərgah biz indidən işə möhkəm yapışmasaq, bir neçə ilin içərisində müsəlman dini tamamilə məhv olub xalqın yadından çıxar, bu məsuliyyət bizim öhdəmizdə qalar. Nə qədər ki, gec deyil, bu xalqı tərbiyə etmək lazımdır. Bu iş çox yüngül iş deyil, bir nəfər, iki nəfər adamın da işi deyil, burada möhkəm bir firqənin olması lazımdır, belə bir firqənin düzəlməsi üçün bütün namuslu müsəlmanların iştirak etməsi və xüsusən cənab ağanın bizə kömək göstərməsi lazımdır. Düzələcək firqə nüfuzlu adamların iştirak etməsi ilə xalq arasında öz nüfuzunu genişləndirə bilər. Hacı Səməd xan öz məqsədini danışıb sakit oldu. Məndən cavab gözləyirdi. Mən onun torbasını tamamilə yoxlamaq üçün: – Mən şəxsən bir firqə təşkilinə razı deyiləm, – dedim. Səməd xan isə mənim sözümü yarımçıq qoyaraq: – Xeyr, ağa, – dedi, – bu firqənin siyasətlə, filanla işi olmayacaqdır. Bu firqəni təşkil etməyi bəndə şəxsən özüm düşünmüşəm. Bu firqə dini bir firqədir, bunun təriqət əxlaqı ilə də əlaqəsi olmayacaqdır. Adını mən özüm düzəltmişəm, bu firqə ancaq Qaimül-Məhəmməd əleyhissəlamın zühurunun yaxınlaşmasına çalışacaqdır. Firqəyə öz məqsədinə müvafiq ad da qoymuşam. Adı cİntizariyun? firqəsidir, yəni həzrət Qaimül-Məhəmməd əleyhissəlamın zühurunun intizarını çəkən firqə. – Bu firqənin vəzifəsi nədən ibarət olacaqdır? – deyə mən soruşdum. – Bu firqə islama rəvac verəcək, əhalini həzrətin zühuruna hazırlayacaqdır. – Müqəddəs bir tədbirdir! – deyə təsdiq etdim. – Lakin bilmirəm bu tədbiri həyata keçirmək mümkün ola biləcəkdirmi? Bu firqəyə dini şüurunu itirmiş xalqın nə kimi nəzərlə baxacağı da şübhəlidir. Hacı Səməd xan isə mənim cavabımda: – Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilər. İnşallah firqə təşkil olduğu zaman siz mənim bu sözlərimi təcrübədən keçirəcəksiniz, – dedi. – Maddi və mənəvi yardım verməyə də hazıram. Mən şəxsən ayda min tümən bu işə ianə verə bilərəm. Başqalarını da yazdırmağı vəd edirəm. Konsul bu sözlərimdən qənaətləndi və mənə II Nikolayın mərhəmətini vəd verdi. Mən sabah Hacı Səməd xanın yanına gedəcək və bu firqənin təşkili barəsində danışacaqdım. Konsulun ailəsi otağa daxil olduqdan sonra söhbətin mövzusu da dəyişmiş oldu. * * * Xüsusi iclas İngilislərin Hacı Səməd xan Şücaüddövlə vasitəsilə həyata keçirdikləri xəyanətin acı təsirləri Təbrizdəki demokratları və eləcə də ziyalı və işçi təbəqəsini düşündürürdü. Mürtəce qüvvələr dini təşkilatlar düzəldir və hər yerdə təziyə məclisləri təşkil edirdilər. Demokrat firqəsi bu təzə xəyanəti ifşa etmək barəsində xüsusi iclas çağırmağı qərarlaşdırırdı, lakin üç-dörd nəfərin bir yerə yığışıb danışmağı mümkün deyildi. Xalq ancaq təziyə məclislərində bir-birləri ilə görüşə bilirdi. Buna görə də xüsusi iclas Məşədi Kazım ağanın düzəltdiyi təziyə məclislərində baş tutacaqdı. Təziyə məclisi bərpa etmək hər kəs üçün məcburi bir vəzifə hesab olunurdu, çünki imkanı olan adamların təziyə məclisi bərpa etməməsi Hacı Səməd xanın şübhəsinə səbəb olurdu. Bu iclasda firqə son hadisələr münasibəti ilə öz xətt-hərəkətini təyin edəcəkdi. Eyni zamanda firqə ingilis konsulxanası tərəfindən düzəldilmiş dini təşkilatın məramnaməsini müzakirə edəcəkdi. Əlimizdə olan məlumata görə, İntizariyun firqəsi din və mövhumat mündəricəsi daşımaqla bərabər, siyasi məqsədlər də daşıyırdı. İngilislər Təbrizdə Kərbəla ziyarəti təşkil edir, yoxsullardan ibarət zəvvar dəstəsinin içərisində öz əks-kəşfiyyatçılarını da o tərəfə göndərirdilər. Xüsusi iclasda iştirak edən üzvlərimiz bu cəhətlərdə heç bir mübarizə təşkil etməməyi qərara aldı. Lakin demokrat firqəsinin üzvləri din və mövhumatın genişlənməsi üçün ingilislərin aralığa atdığı təşəbbüslərə qarşı ciddi mübarizə aparmaq lazım olduğunu da qeyd etdilər. İngilislər Səttar xan hərəkatından aldıqları bir çox təcrübələr nəticəsində Azərbaycan xalqının dərin bir inqilabi duyğuya malik olduğunu bilirdilər. Xüsusən onlar Təbriz qadınlarının Səttar xan inqilabında iştirak etdiyini və altmış nəfərə qədər qadının əlində silah səngərlərdə «Azadlıq və istiqlaliyyətlə deyə can verdiyini unutmamışdılar. Bu məqsədlə də hər yerdə qadın təziyə məclisləri düzəltdirir və qadınların inqilabi hislərini din və mövhumatla çürütməyə çalışırdılar. İngilislər Səttar xan zamanında ifşa edilmiş və bağlanmış siğəxanaları bərpa edir və inqilabi gəncliyin əxlaqını pozmağa səy edirdilər. Məqbərə və ziyarətgahlara müəyyən paralar buraxılır və qəbiristanlarda dini tablolar nümayiş etdirməklə, qadınları ora cəlb edirdilər. Hacı Səməd xanın əmri ilə Sayınqələ, Tikantəpə və Külçətəpədən Təbrizə falabaxanlar, qaraçı qadını dəstələri cəlb olunurdu. Bu və sair məsələləri müzakirə etdikdən sonra firqə aşağıdakı qərarı çıxardı: Din təbliğatı əleyhinə mübarizə aparılan zaman çox ehtiyatlı hərəkət etmək lazımdır, çünki ehtiyatsız aparılan mübarizə əks-təsir də bağışlaya bilər. Təziyə məclislərinin əleyhinə heç bir təşəbbüs edilməsin. Siğə məsələlərinə toxunulmasın, ancaq qadınları yoldan çıxarıb siğə etdirən tək-tək adamlar ifşa edilsin və cəzalandırılsın. Qadınlar üçün açılacaq təziyə məclislərini rövnəqdən salmaq məqsədi ilə kinolar və sairə ictimai əyləncələr təşkil edilsin. Firqəyə təzə üzvlər qəbulu dayandırılsın, çünki ingilislər bu vasitə ilə firqə üzvlərini öyrənməyə çalışırlar. Vali tərəfindən Təbrizə cəlb edilən cadugər və falabaxan qadınların Təbrizdən qovulması üçün adamlar təyin edilsin. Səttar xan tərəfindən qapadılmış qadın bazarının Hacı Səməd xan tərəfindən açılmasına qarşı mübarizə təşkil edilsin. Ümumi firqə iclası çağırılmamalıdır. Lazımi məsələlər firqənin rəhbər üzvləri vasitəsi ilə həll olunmalıdır. 9, İndiyə qədər siyasi siması bəlli olmayan firqə üzvlərinin üzərinə ciddi nəzarət təyin edilsin. Osmanlı-alman tərəfdarlarının Rusiya və İngiltərə əleyhinə apardıqları təbliğata qarşı ciddi bir mübarizə təşkil edilsin, çünki osmanlı və almanların bütün təşəbbüsləri Azərbaycan xalqının zərərinədir. Təbrizdən qaçan, öldürülən, zindanlarda yatan inqilabçıların ailələrinə kömək etmək üçün maddi yardım toplanilsın. Xüsusi iclas bu vəzifələri ifa etmək üçün bacarıqlı adamların siyahısını düzəltdikdən sonra işini bitirmiş oldu. * * * Tütünçüoğlu Tacıqızı Züleyxanı çoxdan bəri təqib edirdi. Bu cürə qadınları isə ancaq qəbiristanlarda və ziyarətgahlarda tapmaq mümkün idi. Cümə axşamı idi, şəhərin qadınları tamamilə qəbiristanlarda və ziyarətgahlarda idilər. Tütünçüoğlu Tacıqızı Züleyxanı təqib edib Gəcil qəbiristanında gördü, onun dalınca düşərək, Acudanl qapısına qədər gətirdi və orada: – Ədabazın birisi, bəs niyə belə qaçırsan? Dur görək nə var, nə yox? – dedikdə Tacıqızı acıqlı bir surətdə dönüb dedi: – Haramzadanın birisi, günün günorta çağında nə üçün mənim dalımca düşmüsən? Bicin birisi, sizin əlinizdən xalqın övrətləri qəbiristana dolana bilməyəcəkmi? – Ay Züleyxa, niyə acıqlanırsan? Sən bal deyilsən ki, küçənin ortasında barmaqlayım? Tacıqızı Züleyxa bu sözə təəccübləndi, barmağını dişinə qoyaraq danışdı: – Vay, mənim başıma kül olsun! Bu küçə gədə-güdəsi mənim adımı haradan öyrənibdir? Mən ərimə nə cavab verə biləcəyəm? Mən xalqın üzünə necə baxacağam? – Özünü ələ al, hökm deyil ki, küçədə danışan arvad əxlaqsız arvad olsun. Adam küçədə anası ilə, bacısı ilə də rast gəlib danışır. Gül deyilsən ki, dərib yaxama taxım, bir söz deyəcəyəm, qəbul edərsən də atan rəhmətdə, qəbul etməzsən də atan rəhmətdə. Bundan acığın niyə gəlir? – Əlbəttə ki, acığım gələr. Övrət tayfası elə bir şeydir ki, güldən də tez ləkə götürər. Bəlkə, burada məni ərim görəydi, bəlkə, burada qardaşlarıma, qayınlarıma rast gələydim?1 Onda mən canımı hara qoyardım? Onda səni tikə-tikə doğrasaydılar kim qabaqlarına duracaq idi? Heç bilirsən mən kiməm? Heç bilirsən mənim tayfam kimdir?1 – Ayqız, niyə acıqlanırsan? Mən sənin nə qulluğunu əlindən alıram, nə də deyirəm ki, sən nanəcib yerdənsən. Ancaq deyirəm ki, qoy bir sözüm var, sənə yetirim. O ki qaldı tanışlığımıza, biz bir-birimizlə çoxdan tanışıq. " Acudan – adyutant, yavər deməkdir. Tacıqızı Züleyxa yenə də acıqlandı: – Qələt eləmə, küçə gədəsi! Verərəm nökərlərimin əlinə, o qədər döyərlər ki, adın yadından çıxar. Mən səninlə nə üçün tanış oluram? De görüm hansı xalçanın qırağısan? – Yaxşı, mənim nə təqsirim vardır ki, məni döydürürsən? – Çünki sən küçədə namuslu, varlı arvadların dalınca düşürsən. Bu saatda tutdurub verərəm Hacı Şücaüddövlənin əlinə, onda yaxanı hara qoyarsan?l – Yaxşı, nə ad qoyub məni tutduracaqsan? Heç bilirsən mən sənə nə demək istəyirəm? – Niyə də bilmirəm. Kişi arvada nə deyəcəkdir? – Sən mənə qulaq as, gör nə deyirəm, hərgah xoşuna gəlməsə, yenə də ixtiyar səninkidir. – De görüm sözün nədir? Amma onu da bil ki, mən sənin dediyin arvadlardan deyiləm hal Mən hələ indiyə qədər naməhrəmlə danışmamışam. – Mən ki, naməhrəm deyiləm, dediyim də budur ki, gəl yenə də tanış olaq, sən ki, məni tanıyırsan, mən ki, özgəsi deyiləm, nə üçün hövsələdən çıxırsan? – Mən səni haradan tanıyacağam? Qələt eləməyinə bax! – Sən məni Seyid İbrahim məqbərəsindən tanıyırsan! Sən məni daş qapılı bağda, mil dibində, Hacı Allahyar bağında görmüsən. – O mən deyiləm, bibim qızı Zəhradır. Canı yanmış lap mənə oxşayır. – Yaxşı, bir saatlığa qoyaq ki, bibin qızı Zəhradır, sən deyilsən. Adamın adamla tanış olması günahdır? Adamın adama işi düşər, sən mənim sözümə baxsan, bizim də işimiz düzələr, sənə də xeyir olar. – Necə yəni işimiz düzələr?l Məgər səndən savayı bir başqasıdamı vardır? – Bəli, bir də yoldaşım vardır. – Amma sən onu da bilməlisən ki, mən evimə hər qor-qoduğu buraxmaram, onu da bilirsənmi? – Ay Züleyxa, sən hələ də bizi qor-qoduq hesab edirsən, biz elə də alçaq-ulçaq cahillərdən deyilik, sənin evində cib dolusu qran da xərcləyə bilərik. – Sənin adın nədir? – Mən qaraməlikli İbrahiməm, Hacı xan Sərtibin bacısı oğluyam. – Çox yaxşı, indi nə istəyirsən? – Nə istəyəcəyik, subay oğlanlarıq, iki nəfər tapıb siğə etmək istəyirik. – Bəs mən özüm? – Sən öz yerində, sənə həmişə qulluq edə bilərik. Hələlik iki nəfər tapıb bizim üçün bir yaxşı kef düzəldin. – Mənim əlimdə olan qızlar özgə yerə getməzlər. – Getməsinlər, qoyun sizin evinizdə olsunlar. – Amma çox ucuz oturmayacaq hal.. – Nə qədər lazımdır? – İki nəfər siğə üçün on tümən. Siğə pulu bir tümən, ev kirayəsi iki tümən, yemək, içmək, məzə isə sizin özünüzdən asılıdır. – Heç bir sözüm yoxdur. Bu da bizim gözümüz üstə, daha nə qulluğun vardır? – Amma bu gecə olmaz. – Nə üçün? – Bu gecə lazımlı qonaqlarım vardır. – Biz də bir qonaq, nə eybi var? – Elə adamlardır ki, bəlkə də, siz onlardan çəkindiniz? – Kimdirlər ki, biz onlardan çəkinək? – Birisi Kazımdır, birisi də Süleyman! – Biz onlar ilə çox yaxşı dostuq, nə üçün onlardan çəkinirik? – Elə isə axşam qaş qaralanda gəlin. – Axı bilmirəm harada olursan. – İstanbul qapısından girən yerdə, Kəlləpəz Hacı Şükürullanın evində. Bir vaxt Çopur Səlimə də orada olurdu. Tanıdın ki? – Bəli, tanıdım, axşam saat doqquzda. – Amna iki nəfərdən artıq olmayasınız hal – Baş üstə, xatircəm ol! Tacıqızı yenə də rübəndini üzünə çəkib getdi. Tütünçüoğlu isə düşünürdü. Bu gecə o, Rəşidülmülkün tapşırığına görə onu öldürmək üçün təqib edən Kazım Davatgəroğlu və Sallax Süleyman ilə bir məclisə düşəcəkdi, bu isə ən qorxulu və hazırlıq tələb edən bir məsələ idi. Bu barədə yoldaşlarla danışmaq və tədbirlər görmək lazım idi. Lök. Mədəni insanlara yaraşmayan fisq-ficuru pərdələmək üçün qara dumanlar öz maskasını Qaraçı məhləsinin çöhrəsinə taxmaqda idi. Küçələrdə ancaq şəhərin mərkəzinə dilənçilik üçün getmiş qaraçıları görmək mümkün idi. Onlar küçələrdə bir kəsin olmadığına baxmayaraq, yenə də ağızlarında əzbər olan duaları oxuya-oxuya gedirdilər. Şəhərin mərkəzində yerdə sürünərək dilənçilik edənlər, mərkəzdən qayıtdıqları zaman öz ayaqları ilə gedirdi, çünki qaraçı dilənçilərin bir çoxu özlərini yalandan şikəst göstərir, qollarını, qılçalarını, ağızlarını və gözlərini qeyri-təbii bir vəziyyətə salmağı bacarırdılar. Təbriz şaxtası da başlayırdı. Çiyinlərinə yırtıq palaz və həsir parçaları çəkib çənəsi titrəyə-titrəyə dua oxuyan dilənçilər bu şaxtaların xəbərini verirdi. Ara-sıra dumanın altından görünən ulduzlar Tacıqızı Züleyxanın füsunkar gözləri kimi parıldayırdı. Qaraçı qızlarının qaşları kimi nazikləşmiş ay da Ərk qalasının arxasında gizlənməyə və qaranlığın çarşabına bürünməyə başlamışdı. Əyri-üyrü küçələrdə tısbağa belinə bənzəyən aristokrat hərəm qadınları qaraçı qızlarının əda və hərəkətlərini öyrənmək və ərinin nəzərində özünü şirin göstərmək üçün evinə məşhur qaraçı qızlarını dəvət edirdilər. Qaraçı məhəlləsində gecə nə qədər qorxulu və qaranlıq olsa da, hər bir evdən gələn musiqi və palçıq damların altından eşidilən səslər Şərq musiqisi kimi böyük bir zənginliyin zibillər və natəmizliklər içərisində düşüb qaldığını göstərirdi. Musiqinin bu cazibədar tərənnümlərini geridə buraxıb getmək mümkün deyildi. Qədəmlər irəli atılmaq istəsə də, ürəklər geriyə dönməyə məcbur idi. Dilənçilik, əxlaqsızlıq, ədəbsizlik qaraçı qadınları və qaraçı qızlarına məxsus olduğu kimi, gözəllik, oxumaq və musiqi sənəti də qaraçı qızlarına məxsusdur. Buna görədir ki, Təbriz kübarları, Təbriz aristokratları öz hərəmlərində onlarca gözəl qadınların çürüdüyünə baxmayaraq, özlərinin kef məclislərində qaraçı qızları saxlamaqdan da vaz keçməzlər. Hərəm qadınlarından bəziləri öz ərlərini qaraçıların əlindən almaq üçün özlərini qaraçı qızlarının qiyafəsinə salır, üzlərinə, dodaqlarına, yanaqlarına qeyri-təbii xal düzürdülər. Qaraçı qızlarının oxuduqları: «Gedərəm Bağdada mən, Yar əlindən dada mən, Əvvəli əziz idim, İndi düşməm yada mənə — kimi mahnıları özlərini qaraçı qızlarına oxşadan bir çox kübar xanımlarının da ağzından eşitmək mümkün idi. Nəğmə səsləri bütün bu çirkinliyi unutdururdu. İnsan Təbrizin Qaraçı məhləsində yox, əski Bağdadın Abbasə və Cəfər sarayları qarşısında durub Qərənfil və Nayirə xanımların səsini dinlədiyini düşünürdü. Bu qədər qabalıqlar içərisində həbs edilən Şərq incəsənəti qaraçı evlərindən eşidilən kamança səsi ilə sanki özünün inlədiyini, ağladığını aləmə bildirirdi. İnsan eşidilən nəğmələrdən nə qədər həzz və ləzzət alırsa-alsın, yenə də Şərq incəsənətinin qaraçı evlərində yaşadığını düşünərkən qüssələnir və ruhən ağlayırdı. Tütünçüoğlu və Quluzadə qabaqda, Həsən ağa, Şəfi və başqaları isə onlardan bir qədər geridə gedirdilər. Bu gecə Tütünçüoğlu həm siğə yuvalarından birisini məhv edəcək, həm də onu öldürmək üçün təqib edən Kazım Davatgəroğlu və Sallax Süleymanla qarşı-qarşıya gələcək idi. Onlar Tacıqızı Züleyxanın siğəxanasına, daha doğrusu, onun fahişəxanasına gedirdilər. Bir gün əvvəl Tütünçüoğlu onunla Acudan qapısında görüşüb vədələşmişdi. Onlar bu gecə 7-ci illərdən bəri Təbriz əks-inqilabında mühüm rollar oynamış və bu gün çar konsuluna arxalanaraq özlərini qalib hesab edən məhəllə qoçuları ilə üz-üzə gələcəkdilər. Bu gedənləri bir fəlakət də və bir müvəffəqiyyət də gözləyə bilərdi, çünki Kazım və Sallax Süleyman yalnız bir məhəllə qoçusu olmaqla kifayətlənməyərək, bütün Təbriz xalqı içərisində özlərinin məğlubedilməz adamlar olmaları ilə də tanınmışdılar. Onlar Təbrizdə istədiyi gözəl və gənc oğlanları zorla aparıb yanında saxlayar, sevdiyi qızları küçədən götürüb aparar, bəyəndiyi qadınları isə ərlərindən boşatdırıb alardılar. Onlar bir çox nüfuzlu məhəllə gənclərinin qulağını kəsər, birçəklərini qırxar və xalq içərisinə çıxa bilməyəcək bir vəziyyətə gətirərdilər. Onlar gündüz günorta çağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. Dəvəçi məhəlləsinin kiçik bankirləri və mülkədarları öz cqəhrəmanəları ilə fəxr edər və onları daim maddi tərəfdən təmin edərdilər. Bəzən yerli hökumət də məhəlləsinin asayiş işlərini bu lotulara tapşırardı. Quluzadə ilə Tütünçüoğlu Tacıqızı Züleyxanın qapısını vurdular. Bir azdan sonra Tacıqızı Züleyxa qapının dalından səsləndi: – Kimdir qapını döyən? Tütünçüoğlu səs verdi: – Bizik, Züleyxa bacı! – Siz kimsiniz? – Dünən Acudan qapısında görüşdüyünüz oğlan. – Neçə adamsınız? – İki nəfərik, dünən sənə dediyim yoldaşımdır. Özü də pis oğlan deyil. Tacıqızı Züleyxa qapını açdı, Tütünçüoğlu və Quluzadəni gördükdə: – Yaxşı oldu ki, tez gəldiniz, Kazım ilə Süleyman gələnə qədər kefinizi çəkib gedə bilərsiniz, – dedi. Tütünçüoğlu: – Heç eybi yoxdur, biz onlarla birlikdə də kefedə bilərik, – dedi. – Məgər Kazım və Süleyman dadaş qaraməlikli Hacı xan Sərtibin bacısı oğlu İbrahimi tanımırlar? Onlar bunu deyib içəri girdilər. Həsənağa, Müseyib, Şəfi isə bayır tərəfdəki qaranlıq dəhlizdə duracaq, Kazım və Sallax Süleyman içəri girdiyi zaman onları tərk-silah etdirəcək və cəzalandıracaq idilər. Qabaqda Tacıqızı Züleyxa, onun dalınca da Tütünçüoğlu ilə Quluzadə otağa daxil oldular. Bu otaq ancaq siğə etməyə gələnlər üçün hazırlanmışdı, kef çəkmək və siğələrlə vaxt keçirmək üçün də başqa otaq var idi. Otaqda zinətli çay dəsgahı düzəldilmişdi və ətrafda üzünə çiçəkli məxmərlər çəkilmiş qalın döşəklər salınmışdı. Bu şəri fahişəxananın divarları şəriət sahiblərinin, müqəddəslərin şəkilləri ilə bəzədilmişdi. Məhəmməd peyğəmbərin şəkli aralıqda idi, sağında Həsən, solunda Hüseyn oturmuşdu. Bir tərəfdə Ələkbər meydana gəlir, bir tərəfdə Həzrəti Abbasın qollarını salıblar, bir yanda Ərus ilə Qasim öpüşür, evin yuxarı başında isə Molla Qurban qalın bir döşəyin üstündə oturmuş, əlində yüsri təsbeh, dodaqları bir-birinə dəyirdi. Molla Qurbanın qabağına canamaz açıldığından axşam namazını təzəcə qurtardığı məlum olurdu. Molla Qurban gözlərinə sürmə çəkmişdi, barmaqlarına fındıqça xına yaxmışdı, nazik saqqalını təzəcə xınalamışdı, bığlarının qabağını dərindən vurdurduğu üçün dodaqlarını uzaqdan görmək mumkün idi. Qulaqlarının dibində nazik xətbaşı da qoymuşdu. Molla Qurban üstünə gül ətri səpdiyindən Tacıqızı Züleyxanın otağında oturmaq mümkün deyildi. Tacıqızı Züleyxanın özü də təzə ərə getmiş gəlinlər kimi bəzənmişdi. O, qara saçlarını on iki hörüyə bölüb dalısına tökmüşdü, alnından tüklərinin üstündə brilyant, zümrüd və yaqutlar parlayan bir cıqqa vurmaqla özünü İran şahzadə xanımlarına bənzətmişdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi üzünə bəzək vurmamışdı. Onun dediyinə görə bəzək qadınların təbii gözəlliyini itirirmiş... Tacıqızı otuz səkkiz yaşında olduğuna baxmayaraq, öz gəncliyini lazımi qədər mühafizə edə bilmişdi, çünki o başqa qaraçı qızları kimi hər yetən adama satılmazdı. O, tək-tək təsadüflərdə, ya özünün sevdiyinə, yaxud da böyük para müqabilində təslim olardı. O, ancaq başqa qadınları, əksəriyyətlə qaraçı qızlarını istismar etməklə böyük pullar qazanmışdı. Onun gözlərinin ətrafında başqa qaraçı qızlarında olduğu kimi qara və göy halqalar, daha açığı, yorğunluq və yuxusuzluq, əyyaşlıq əlamətləri görmək olmazdı. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi gecə və gündüz vaxtini sərxoşların qucağında keçirməz, tiryəkxanalarda tiryək hoqqalarına od tutmaqla həyatını zəhərləməz və tanımadığı adamların dəvətini qəbul etməzdi. Buna görə də onun incəliyi və gəncliyə məxsus təravəti o qədər də sönməmişdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi Avropa qadınları qiyafəsinə də girməmişdi. Onun əynində Təbriz qadınlarına məxsus qısa və əlvan ipəkdən tuman, qılçalarında al atlazdan şalvar, topuqlarında mirvaridən düzəlmiş zərif xalxal var idi. Ağ, balaca, eyni zamanda ətli olan ayaq barmaqları xınadan qızarmışdı. Zərif bədəni nazik ipəkdən tikilmiş bir köynəyin altında titrədiyi halda evi dolanıb Tütünçüoğluna və Molla Qurbana xidmət edirdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi bir qadın olaraq öz gözəlliyi ilə yox, özünün musiqi və nəğmə ustadı olması ilə də şöhrət qazanmışdı. Buna görə də Tacıqızı Züleyxa İran kübarları və İran aristokratiyası məclislərinə oxumaq və çalmaq üçün çağrılardı. Tacıqızı samovarı gətirib çay dəsgahının üstündə qoydu, qollarını çırmadı, qolundakı brilyant saat və zümrüd qolbaqlarını göstərdi, sonra da iki stəkan çay töküb birini Tütünçüoğlunun, birini də Quluzadənin qabağına qoyduqda Tütünçüoğlu: – Axunda nə üçün çay boşaltmadınız? – deyə Tacıqızına müraciət elədi. Tacıqızı isə: – Axund oruc iddi, bir saat bundan əvvəl iftarını açıbdır, – dedi. – Yoxsa orucluq giribdir? – Orucluq girməyibdir. Lakin axund ildə üç ay oruc tutur. Bir də budur ki, axund özgəsi deyil, evin sahibidir. – Necə yəni evin sahibidir?l – İndi altı aydır ki, baş bir yaxadan çıxarmışıq, sağlıq olsa, bahar açılan kimi imamın ziyarətinə gedəcəyik. Özüm də axundun oxuduğu Qurana and içib tövbə eləmişəm. Mənə də qiyamətin günündə nicat olsa ağanın ziyarətindən olacaqdır. Elə axundun adı mənim üstümdə olsa bəsimdir. Axundun özü də bir halal süd əmmiş Allah bəndəsidir. Elmi də ki, Təbriz müctəhidlərinin heç birisindən az deyil. Quluzadə sözə müdaxilə edərək: – Belə hal.. Biz də elə Züleyxa bacının yanına ondan ötrü gəlmişik ki, bizə iki dənə halal süd əmmiş qız tapsın. Axund da ki, buradadır, zəhmət çəkib siğəni oxusun evlənək, bəzi para yaramaz işlərdən də uzaqlaşaq. Axund Molla Qurban sözə başlayaraq siğənin savablarından danışdı. – Həzrət Sadiqdən! rəvayətdir ki, cəddim Rəsulallah meraca getdiyi zaman yolu səkkizinci behiştdən düşür. Səkkizinci behiştin VeMəclisib adı ilə altmış cild kitab uyduran Molla Məhəmməd Bağır yalanlarının hamısını imam Cəfər Sadiqin dilindən yazmışdır. dərbanı qapını açıb orada olanlara müraciətlə: Ey səkkizinci behiştin məlaikələri, pişivazə çıxın, dünya və axirətin ağası səkkizinci behiştə səyahətə gəlirə – deyə səslənir, Həzrəti Rəsul-Əkrəm səkkizinci behişti gəzərək böyük qəsrin yanına gəlir, qəsrin divarları ağ gümüşdən, pəncərələri qırmızı qızıldan idi. Türfədən yetmiş min gözəl huri başını çıxarıb Həzrəti peyğəmbərə salam verir. Həzrəti Rəsul cənab Cəbrayıldan soruşur ki, ya Cəbrayıl, bu qəsr kimin qəsridir? Cənab Cəbrayıl ərz eləyir ki, peyğəmbər, bu qəsr sənin siğə edən ümmətlərin üçün qayrılmışdır. Molla Qurbanın bu sözündə Tacıqızı Züleyxa ağlar bir halda: – Atam-anam sənə qurban olsun, ya Rəsul Allah, – dedi. Molla Qurban sözünə davam edərək dedi: – Həzrəti Cəfər Sadiqin yanına gəlib soruşdular ki, atam-anam sizə fəda olsun, günahları nə ilə bağışlatmaq mümkündür? Həzrət buyurdu ki, siğə etməklə! Hər kəs bir saat siğə ilə otursa, xudavənd aləm onun yetmiş arxa keçmiş və yetmiş arxa da sonra gələn övladının günahlarını bağışlar. Tacıqızı sözə başlayaraq: – Hələ həzrət bir saatı buyurubdur, amma biz axund ilə altı aydır ki, oturub-dururuq, indi görün biz nə qədər savab sahibi olmuşuq! dedi. Tütünçüoğlu da: – Biz də bunu istəyirik, – dedi, bir Allah bəndəsinə evlənək, həm vaxtımızı yaxşı keçirək, həm də yetmiş iki babamızın günahlarını bağışladaq. Tacıqızı onun sözünü kəsərək: Yox, qadanızı alım, – dedi, – mənim evimdə ərə gedən qızlar yoxdur. Axund buyuran kimi ancaq birsaatlıq siğə mümkündür. Bir də budur ki, bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz, çünki onların hərəsi bir varlı yerin qızıdır. Yağ-bal, naz-nemət içində üzən adamlardır. Onlar ancaq mənim xatirim üçün birsaatlıq kefə gəliblər. Bu gecə mən sizi yuxunuzda görmədiyiniz qızlarla tanış edəcəyəm. Onlardan birisi Mümtəhnuddövlənin qızı Afət xanım, o birisi Məmmədəli şahın sevgilisi eMünisi-xəlvətə, başqa birisi də Sarimiddövlənin nəvəsi «Ərusi-aləmə? xanımdır. Elə qızlardır ki, onların üstündəki zinət bütün Təbrizin dövlətini alıb-satar. Tütünçüoğlu: – Sözümüz nədir, gəlsinlər, görək nə cür xanımlardır? – dedikdə Tacıqızı: – İndi deyin görüm dul arvad olsun, yainki qız? – Necə yəni dul? Çox da qoca deyillər ki? – Pah, kül başına! Mənim evimdə qoca nə gəzir? Mən boyda, mən buxunda, mən gözəllikdə olsalar necədir? Birisi bir həftənin, o birisi doqquz günün gəlinidir. İkisi də vardır ki, hələlik üzləri naməhrəm üzü görməmişdir. Hərgah yalan deyirəmsə axundun oxuduğu Allah kalamı mənə qənim olsun, – dediyi zaman Quluzadə: – Allah eləməsin, Züleyxa xanım! Elə sözü niyə deyirsən? Doğrusu, adam bəzi sözləri deməyə utanır da. Allaha şükür, biz də çox nanəcib yerin adamı deyilik, bizim də özümüzə görə ad-sanımız var, dövlətimiz var. Lakin adam sözün açığın deməyə utanır. Molla Qurban bu söhbətlərdə qalxıb evdən çıxdı, Tacıqızı isə gülərək Quluzadəyə dedi: – A bic haramzada, axund anladı ki, meyilin məndədir, ona görə də durub eşiyə çıxdı. – Axund bu açıqlıqda sözü də anlamayacaqdırsa, daha nə axunddur? – Heç elə şey ola bilərmi? Mən ona ömürlük siğə olmuşam. – Niyə də ola bilməsin? Beşcə tümən qoyarıq onun qabağına, on beşcə tümən də qoyarıq sənin qabağına, iş qurtarıb gedər. – Onda da gərək axund birsaatlığa mənim siğəmi geri oxusun. – Belə ha, atacığazın oldu rəhmətdə. – Qoyun qızları da çağırım gəlsin, bəlkə, onlardan birini gözünüz tutdu. Elə qızlardır ki, yel əssə yanaqlarından qan açılar, şamama kimi canlardır. Tacıqızı sözünü bitirdikdə Tütünçüoğlu da cibindən iki rus qızılı çıxarıb yerə atdı: – Götür bunları da göndər məzə gətirsinlər, yenə də lazımdır, verək. Sən bilirsən ki, Təbriz uşağı kef çəkəndə kisəsinin ağzını bağlamaz. Tacıqızı onluqları götürüb cibinə saldıqda: – Çox sağ olun, mən sizi comərd oğlan tanımasaydım, heç qapımı üzünüzə açmazdım. Tacıqızı qalxıb qızları çağırıb gətirmək üçün o biri otağa keçdi, bir azdan sonra Molla Qurbanla bərabər otağa qayıdaraq, pərdəni qaldırdı və səslədi: – A qızlar, utanmayın, durub bura gəlin, yad adam yoxdur, özümüzkülərdir. Qaraməlik cahilləridir, boy-buxunlu, sünbülbığlı oğlanlardır. Qızların gəlməsi uzun dəqiqələr çəkdi, nəhayət, Tacıqızının özü gedib onları otağa gətirdi. Doğrudan da, onların üstündə olan zinətlərin qiymətini təyin etmək mümkün deyildi. Onların naməhrəmə üzünə görünməsi sanki çox çətin idi. Tacıqızı onların qara ipək çarşablarını götürənə qədər xeyli əziyyət çəkdi. Onların çarşabları götürüldü, lakin onlar Tacıqızının tərif etdiyi kübar ailələrdən çıxan qadınlar yox, Təbrizdə bütün əxlaqsızlıqları ilə məşhur olan qaraçı qızları idi. Bunlardan birisi vaxtı ilə amerikalı qızı miss Hannanı fala baxdırmaq bəhanəsi ilə aldadıb Mahmud xan və Rəfizadə üçün aparan və özünü Şümşad xanım adı ilə tanıtdıran qaraçı qızı Hüsni xanım, o biriləri Xoşu, Səlimə və Teybədən ibarət idi. Tütünçüoğlu bunları çox gözəlcəsinə tanıyırdı. Vaxtı ilə Həsənağa bunların hamısının saçlarını kəsib var-yoxlarını soymuşdu. Qadınlar özlərini baha satmaq məqsədi ilə çox utana-utana oturdular. Tütünçüoğlu Hüsni xanımı siğə etməyə razı oldu. Quluzadə isə Tacıqızının üzünə baxıb durmuşdu. Məsələ Molla Qurban üçün də aydın idi. Molla Qurban bunun üçün birinci növbədə Tacıqızını boşadi. Heç şübhə yoxdur ki, bu da oyun idi, çünki Tacıqızı Züleyxa Molla Qurbanın arvadı deyildi, onun vəzifəsi Tacıqızının evində oturub gələnlərə siğə oxumaq və fahişəliyi rəsmiyyətə salmaq idi. Siğə haqqı hər qadına bir Nikolay onluğu, axundun zəhməti isə Hüsni xanım üçün bir tümən, Tacıqızı üçün isə beş qran idi, çünki Hüsni xanım hələlik ərə getməmiş dqızə idi. Əlavə olaraq Tacıqızı öz zəhmət haqqında on manat aldı, başqa üç nəfər qız da gəlib boş qayıtdıqları üçün bər birisi bir tümən başmaq yırtmaq və bəzək sərf etmək haqqını aldı. Hər iş qurtarmışdı, indi isə durub başqa otağa keçmək lazım idi. Molla Qurban tək qalmadı, o da Tacıqızının təklifinə görə Çopur Səlimənin siğəsini özünə oxudu və durub birlikdə kef üçün, məzə üçün başqa otağa keçdilər. Üç nəfər azad qalmış qaraçı qızlarını da özləri ilə bərabər götürdülər. Şərab məclisi düzəldi. Molla Qurban da Tütünçüoğlunun təklifinə görə şərab büsatının başında əyləşdi. Hələ məclis qızışmadan Tütünçüoğlu çölə çıxmaq bəhanəsi ilə Həsənağa və onun yoldaşlarının nə vəziyyətdə olduqlarını yoxladı. Hələlik Kazım Davatgəroğlu və Sallax Süleyman gəlməmişdi, Tütünçüoğlu otaqdakıların məsələsini bitirmək üçün qayıtdı. Şərab məclisi qızışmışdı, kamança Tacıqızının dizinin üstündə idi. Xoşu xanım isə dəfi qulağının dibində tutub oxuyurdu: €Xuni-aşiqlə piyaləm dəmbədəm ləbrizdir, Qaşlarım peykan, nigahim fitneyi-Təbrizdirə. Xoşu xanımdan sonra, Hüsni xanım: eQönçələr açdı cəmalın ruxi-aləm görcək, Bülbülün təbi gəlib coşə məqalim görcəkə. – deyə ona cavab verdi. Uzun vaxt burada oturmaq lazım gəlmirdi, çünki Kazım Davatgəroğlu ilə Sallax Süleymanın gəlmək vaxtı idi. Buna görə də Tütünçüoğlu qızlara əmr etdi: – Durub Molla Qurbanın ətrafında oturun! Qızlar bunu zarafat hesab edərək mollanın ətrafında oturdular. Sonra da Tütünçüoğlu Molla Qurbana əmr etdi: – Götür əmmaməni başına qoy! Molla buna etiraz edərək: – Yaxşı deyil, peyğəmbər nişanəsi ilə şərab məclisində oturmaq yaramaz, – dedikdə Tütünçüoğlu ona bir şillə vurdu: – Həyasızın birisi, peyğəmbər nişanəsi ilə fahişəxana saxlamaq olarmı? Tacıqızı durub dışarı çıxmaq istədikdə Quluzadə tapançanı çəkib onu dayandırdı: – Otur yerə! Yerindən tərpənənin başını qopardaram, – dedikdə o, titrəyə-titrəyə oturdu və: – Yaxşı evim yıxıldı, öz əlimlə öz qapımı bağladım. Allah xatirinə, pullarınızı verim, özünüz də kefinizi çəkib gedin. – Biz bura kef üçün yox, bu fahişəxananı dağıtmaq üçün gəlmişik. Qaraçı qızları özlərinin tora düşdüyünü yəqin etdiklərindən ağlayır və üst-başlarındakı zinətləri götürüb gizlədirdilər. Quluzadə mollaya əmr etdi: – Al şərab piyaləsini əlinə, özün də tərpənmə, şəklini götürəcəyəm! Quluzadə fotoaparatı çıxarıb qaraçı qızları ilə bərabər Molla Qurbanın şəklini götürdü, sonra da Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını qırxdı. Növbə Tacıqızına və başqa qaraçı qızlarına yetişdi. Onlar başlarının qırxılmamaları üçün hər nələri varsa aralığa tökdülər. Tacıqızı sandıqdakıları, xalça altında və torpaq içində hər nəyi varsa gətirib təslim etdi. Quluzadə və Tütünçüoğlu bütün zənginlikləri yığıb bağladı və qaraçı qızlarının başını qayçılamağa başladı. Sonra da Tacıqızının libasını Molla Qurbanın əyninə keçirib şəklini aldılar. Tacıqızına isə Molla Qurbanın libasını və əmmaməsini geyindirib əksini götürdülər. Molla yalvarır, qaraçı qızları isə titrəyirdi. Tütünçüoğlu hər işi bitirdikdən sonra: – Sizə neçə kərə xəbər verilmişdi ki, bu işlərinizdən əl çəkin, Təbriz qadınlığını fəlakətə və əxlaq pozğunluğuna çəkməyin! Bu sizin əməllərinizin mükafatı deyil, bu cəza sizin üçün çox azdır, ikinci kərə sizin cəzanız ölümdür, – dedi. Sonra da onların hamısını bir-birinə bağladılar. Molla kənarda qalmışdı. Molla Qurbanı bu biri otağa keçirib qapını bağladılar. Həsənağanın yoldaşlarını da çağırıb otağa gətirdilər, küçə qapısını da içəridən bağladılar. Molla Qurban başında qızıl araqçın, əynində al ipəkdən don, ayağında atlaz şalvar olaraq ayaq üstündə durub yalvarırdı: – Məni öldürməyin! Mənim abrımı aparmayınl – Sənə tapşırırıql – Tütünçüoğlu dedi: – Qapı vurulan kimi gedib açacaqsan, bir kəlmə danışsan öldürəcəyik. Hərgah sözümüzə əməl etsən buraxılacaqsan. bər nn” Molla Qurban bütün təklifləri qəbul etdi. Oturub gözləyirdilər, Kazım və Sallax Süleymanın gəlməsi bir saatdan artıq çəkdi, həyətə işıq düşməmək üçün lampanı keçirmişdilər, nə həyətdə, nə də evdə işıq yox idi. Qapı vuruldu, iki nəfər Molla Qurbanı götürüb qapını açmaq üçün apardı. Molla Qurban heç bir söz demədən qapını açdı və tapşırığa görə də tez dönüb evə qayıtdı. Kazım və Süleyman isə onun dalınca Tacıqızının otağına girdilər. Lampanı yandırdılar, işıqlandıqda Kazım və onun yoldaşı gözünü açıb beş nəfərin əlində onaçılan tapança durduğunu gördü. Kazım: – Cahillik belə olmaz, – dedi. – Cahillik belə də olar! – Quluzadə cavab verdi və onları tərksilah etməyə başladı. Onların hər ikisini qaraçı qızları olan otağa keçirdilər. Qaraçı qızlarının libasını onlara, onların libasını isə qaraçı qızlarına geyindirib bığlarını, birçəklərini kəsdilər və bir-birinə bağlayıb qapını üzlərinə qapadılar. Onlar Tacıqızının otağından çıxıb, Molla Qurbanı da həyətdə ağaca sarıyıb getdilər. Gök. Qadınlar üçün kinoteatr təşkil edilmişdi. Bu təşəbbüs böyük müvəffəqiyyətlər qazanırdı, buralara yalnız aşağı təbəqə deyil, aristokrat və kübar qadınları da gəlirdi. Kinoteatrların qapısında əyan qadınlarını daşımaq üçün yüzlərcə fayton dururdu. Təbriz qadınları bu yeniliyi sevirdi, çünki onlar bütün ömründə ancaq məscidləri, qəbiristanları, ziyarətgahları və ümumi hamamları görmüşdü. Qadın kinoteatrlarının hədsiz mənfəət verdiyini görüncə, bir neçə İtaliya, İngiltərə təbəələri, hətta bir neçə amerikalı da kinoteatr düzəltdi. Çar konsulu və onun əlində alət olan Səməd xanın açdığı otuza qədər mərsiyə yerləri müvəffəqiyyət qazanmadı, mərsiyə yerlərinin bir çoxu qapanmağa başladı. Hacı Səməd xan və çar konsulu kinoteatrların qapadılması üçün o qədər də zəhmət çəkmədi. Günlərin birində kinoların haram olduğuna dair Mirzə Kərim ağa imamcümə və Mirzə Həsən müctəhidin imzası ilə fars dilində belə bir fitva çıxdı: €Əzbəs ki, kinoteatrlar qadınları əxlaq pozğunluğuna öyrədir, qadınlar kinoteatrlarda şəriətin ziddinə olan şəkillər görür, kinolarda müsəlman qadınları naməhrəmlərin üzünə azad baxır və oralarda xarici qadınların kişilərlə öpüşdüyünü görür, müsəlman qadınları oralarda eşqbazlığa öyrənir, buna görə də müsəlmanlara əmr olunur: hansı qadın kinoteatrlara getsə, həmin qadın ərindən boşanmış hesab olunur! Arvadlarını öz rizası ilə kinoteatrlara buraxan kişilər isə məscidlərə və ziyarətxanalara buraxılmayacaqlarl Arvadlarını kinolara buraxan kişilərin meyiti müsəlman qəbiristanında dəfn edilməyəcəkl Arvadlarını kinoteatrlara buraxan kişilərin şahidliyi məhkəmələrdə qəbula keçməyəcəkdirlə Bu fitva çıxandan bir neçə gün sonra kinoteatrların bir neçəsi qapandı. Bu hadisə Təbriz qadınları tərəfindən bir müsibət xəbəri kimi qarşılandı. Bu fitva yalnız qadınlar tərəfindən deyil, proqressiv kişilər tərəfindən də nifrətlə qarşılandı, lakin əksəriyyət avam xalqın tərəfində idi, onlar buna etiraz etməyi bacarmadı: bir çox hadisələrdə olduğu kimi yenə də avamlara təslim oldular, xalq öz qadınlarını mədəni həyatdan mən etməyə başladı. Rus təbəələrinə məxsus olan kinoteatrlar hələlik qapanmamışdı. Lakin oraya qadınlardan bir nəfər də olsun girə bilmirdi, çünki müctəhidlərin fitvasının müdafiəsində hökumət qüvvəsi iştirak edirdi. Bütün kinoteatrların qapısında gizli adamlar, xəfiyyələr və casuslar durub ora gedənləri yoxlayırdı. Hacı Səməd xanın qadın xəfiyyələri işə düşmüşdü. Onlar kinoları nəzarət altına almışdı. Müctəhidlərin fitvası çıxandan bir həftə sonra rus təbəələrinə məxsus kinoteatrların qapısına belə bir elan yapışdırılmışdı: «QADINLAR ÜÇÜN AÇILMIŞ KİNOTEATRLAR MƏNFƏƏT VERMƏDİYİ ÜÇÜN HƏMİN TEATRLAR AYIN BİRİNDƏN ETİBARƏN KİŞİLƏRƏ VERİLƏCƏKDİR. MÜDRİYYƏTə Ümumiyyətlə, İranda mədəniyyətlə mübarizə aparan qara qüvvələrə qarşı mədəniyyət vasitəsi ilə mübarizə aparmaq mümkün deyildi. Mövhumatı boğmaq və ona üstün gəlmək üçün mədəni təşəbbüslər aciz idi, çünki İranda həyata keçirilən bütün siyasi və iqtisadi macəralar mövhumat üzərində əsaslanırdı, çünki mövhumat üzərində əsaslanan bütün macəralar həm hökumət, həm də ruhanilər tərəfindən müdafiə olunurdu. Təbrizdə toylarda, ziyafət və kef yerlərində, tiryəkxanalarda oxuyub-çalan cəngilər və qaraçı qızları Hacı Səməd xan tərəfindən siyahıya alınmışdı. Onlar gündəlik xəbərləri Hacı Səməd xana verməli idilər. Buna görə Təhminə xanım və sairələri qadın mərsiyələri oxunan yerləri yoxlamaq üçün göndərilmişdi. Təhminə xanım bir neçə gün bu yerləri gəzəndən sonra müvəffəqiyyətli xəbərlər gətirməmişdi. Bu xəbərlərə əsasən qadın mərsiyəxanlarını təmin etmək mümkün olmayacaqdı, çünki qadın mərsiyəxanları mərsiyə oxuduğu zaman yalnız Hacı Səməd xan və çar konsulu tərəfindən aldıqları pullarla kifayətlənməyərək mərsiyə yerinə gələn qadınlardan da nəzir alırmışlar. Qadınların mərsiyəxanlara verdikləri nəzir köhnə tuman-köynək və sair şeylərdən ibarət idi. Qadın mərsiyəxanları mərsiyədən sonra yığdıqları paltarları qadın bazarına aparıb satırdılar, yaxud öz tanışları vasitəsilə satdırırdılar. Onlar köhnə paltarlardan başqa mərsiyəyə gələnlərdən bir qran, on şahı və bundan daha az para almağa tənəzzül edirmişlər. Avam Təbriz qadınları öz əyninin köynəyinə qədər, cib dəsmalı, baş şalına, hətta başının köhnə çarşabına qədər imamın yolunda verirmişlər. Səməd xanın əmrinə görə, Kərbəla hadisəsinin tarixi və İmam Hüseyn macərası məktəblərdə də bir dərs kimi keçilirdi. Cümə axşamları bütün məktəblərdə mərsiyə oxunmasına əmr verilmişdi. Təhminə xanımın dediyinə görə, qadın hamamlarında da mərsiyə oxuyurmuşlar. Çox iyrənc məsələlərdən birisi də budur ki, mərsiyə oxuyan qadınların əksəriyyəti əxlaqsız qadınlardan, qaraçı qızlarindan və qocaldığı üçün siğə bazarına gedə bilməyənlərdən ibarət idi, çünki siğə olmaq üçün gözəllik və cavanlıq tələb olunurdu. Yaşı keçən qadınlar isə başqalarını aldadıb «ticarət bazarınan çəkir, yainki mərsiyəxanlıq edir və yaxud savabından ötrü mollalara siğə olurdular. Birinci növbədə bunları camaata tanıtmaq lazım idi. Buna görə də mərsiyə evlərinin və başqa yerlərin divarlarına təxminən bu məzmunda bir intibahnamə yapışdırılmışdı: Təbriz camaatı! Sizin qadınlarınızı siğəxanalardan, ziyarətgahlardan, məqbərələrdən qurtarmaq üçün qadın əyləncələri və kinoteatrlar təşkil edilmişdi, sizin qadınlarınız da başqa mədəni xalqların qadınları kimi dünyanı görməyə və mədəni ocaqlarda iştirak etməyə başlamışdı. Lakin buna Hacı Səməd xan Şücaüddövlə razı olmadı. O, qadın teatrlarını qadın mərsiyələri ilə əvəz etdi, çünki ona qadınların mədəniləşməsi əl verməzdi. Təbriz qadınlarının inqilabda iştirak etməsi və öz azadlığı uğrunda çalışması çar hökuməti və onun nökəri olan Hacı Səməd xanın gözünü qorxutmuşdu. Bunun üçün də Təbriz qadınlığının köhnə mövhumat dövrünə qayıtması və uşaqlarını da bu dövrə məxsus mövhumatla böyütməsini məsləhət gördülər. Təbriz camaatı! Sizin qadınlarınıza mərsiyə oxuyanlar kimlərdir? Ələkçiqızı Teybə, Tehnəli Qasımqızı Xurşid, süpürgəsatanqızı Dildar, qabyalayanqızı Molla Səba, küldaşıyanqızı Kəblə Zeynəb, Payanlı Məşədi Səkinə və sairlərini hansı biriniz tanımırsınız? Hazarda sizin qadınlarınız bunlardan tərbiyə alır. Təbriz xalqı! Utanın, gələcəyin nifrət və lənətini öz boynunuza götürməyin. Əl çəkin gündə bir hökumətə satılan müctəhidlərin ətəyindən! Onlarla bərabər çar hökumətinə satılmayınlp Bu intibahnamə təsirsiz qalmadı. Qadın mərsiyələrinin sayı azalmağa başladı. O yerlərə gedənlər çox az idi, lakin bununla aparılan mübarizəni davam etdirmək lazım gəlirdi. Gizli komitə mərsiyə yerlərini bir daha ifşa etmək məsələsini Bağır Hacıoğlu, Hacağa Əvəzoğlu, Yavər Xəliloğlu, Ələkbər Kazımoğlu və sairlərinə tapşırmışdı. kok Axşama az qalırdı, qadın mərsiyələrinin bitmək vaxtı idi. Qadınlardan bir çoxu göz yaşlarını silə-silə küçəyə çıxırdı. Söhbətlərin məzmunu qadın mərsiyəxanı Molla Səlmənin oxuduğu mərsiyənin mövzusu ilə əlaqədar idi. – Molla Səlmə Təbrizdə bir dənədir! – Mən Müslümuşaqlarının mərsiyəsini çox eşitmişdim, amma Molla Səlmə oxuyan kimi eşitməmişdim, adamın beynində yaş qoymur. – Oxumaqda da çox iş vardır!.. – Yox, Molla Səlmədə olan kitablar başqasında yoxdur. – Tapşırmışam, özünə də bir zərli çarqat vədə vermişəm, sabah, sağlıq olursa, Fatimeyi-Zəhra xanımın ərə getməsi barəsində oxuyacaqdır. – Kəblə Zeynəbin də nəfəsi təsirlidir, məni ondan başqa heç kəs ağlada bilməz! – Molla Səbayə nə deyirsən bəs?1 – O ancaq cənab Qasimin evlənməsini yaxşı oxuyur. Qaranlıq düşürdü, rübəndlər götürülmüşdü, qadınlarla tanış olmaq üçün gələn arvad düşkünləri də gözlərini mərsiyə evinin qapısına dirəmişdi. Onların da söhbətləri ziyarətgahların qapısını kəsib duran siğə düşkünlərinin söhbətini xatırladırdı. – Hacı Məmməd ağa Kovganinin övrətidir. Özü qoca, arvad isə cavan. Eybi orasındadır ki, bir az utanır, məqbərə ağzında iki dəfə salam vermişəm, gülüb, keçib gedibdir. – Məşədi Abbas ağa kisəçinin övrətidir, indi baxım görüm Molla Sadıq nə iş görəcəkdir. Yaxın günlərə söz veribdir. – Salman xanın bacısıdır. Köpək oğlunun qızı Züleyxa dəxi bir bismillah olub göyə çəkilibdir. Söz vermişdi ki, gətirsin. – Tacıqızını daha görə bilməzsən... – Nə üçün? – Kazım Davatgəroğlu və Sallax Süleymanın məsələsini eşitmədinmi? – Necə ki, eşitmədim, bığlarını, birçəklərini kəsiblər. – Əllərinə dönüm, igid belə olar hal – Tacıqızının da saçlarını kəsiblər. – Bəs siğə oxuyan Molla Qurbanı niyə demirsən? – Ona nə olubdur? – Onun saqqalını, bığlarını qırxıb, özünə də Tacıqızının paltarını geyindirib ağaca bağlamışdılar. – Demək nə lazımdır! Özüm tamaşalarına getmişdim. – Özüm də orada idim. Bütün Təbriz tamaşalarına yığışmışdı. – Yəni öz gözünlə gördünmü? – Sən öləsən ikisinə də qaraçı qızlarının paltarlarını geyindirmişdilər. – Dünən eşitdim ki, ikisi də çıxıb Tehrana qaçıbdır. – Yaxamız qurtardı. Bu söhbətlərə Bağır Hacıoğlu ilə Hacağa Əvəzoğlu da kənardan durub qulaq asırdı. Bir dəstə qadın mərsiyə yerindən çıxıb küçədəki qadın dəstələrinə qoşulduğu vaxt iki nəfər də rübəndli qadın kənardan gəlib dəstəyə qoşuldu. Bağır Hacıoğlu və Hacağa Əvəzöğlu irəli gəlib dəstənin içinə girdilər və əllərini atıb kənardan dəstəyə qoşulan qadınların rübəndini üzündən darüıb aldılar və çarşablarını götürüb qışqırdılar: – Gədə, həyasız köpək oğlanları, ağzınızı ora yetiribsiniz ki, övrət paltarı geyib xalqın arvadlarına baxırsınız?l Ey müsəlmanlar, görün qaraçı qızı Səlmə başınıza nə fəlakət gətirir?l Qaraçı qızı lotulardan pul alıb onları sizin övrətlərinizin içərisinə, mərsiyə məclislərinə buraxır. Başına çarşab salıb gələnlər Yavər Xəliloğlu və Ələkbər Kazımoğlu idi. Onların çarşabları atılan kimi üzvlərini qadınlara göstərdilər və sürətlə aradan çıxıb qaçdılar. Bağır Hacıoğlu, Hacağa Əvəzoğlu isə onları tutub saxlamaq bəhanəsi ilə dallarınca qaçıb aradan çıxdılar. Qadınlar Molla Səlmənin evini daşa basmağa başladı, bir saatın içərisində bu xəbər ildırım sürətilə şəhərə yayıldı, camaat hər bir məhəllədə tökülüb arvad mərsiyə məclislərini dağıtdılar. Hər tərəfdən səslər gəlirdi: – Vurun, bu qaraçı qızlarını! – Vurun, İmam Hüseyn təziyələrini fahişəxanaya döndərənləril Ara qarışdı və müəyyən adamlar tərəfindən təhrik edilən xalq bütün arvad mərsiyəxanlarını tutub müctəhidlərin yanına sürüdü. Bunların içərisində bir neçə gün bundan əvvəl başları qırxılmış qaraçı qızları da var idi. Bu şuriş iki gün çəkdi. Məhəllə camaatı qaraçı qızlarını tutub başlarını qırxdı, özlərini çılpaq eşşəklərə tərsinə mindirib bazarları gəzdirməyə başladı. Qadınlar və uşaqlar küçələrdə onların üstünə daş, kəsək atırdılar. Təbrizlilərin həyəcanını yatırmaq üçün Hacı Səməd xan mollaları və müctəhidləri səfərbər etdi və bir neçə qaraçı qızını Təbrizdən xaric etməklə məsələni ləğv etdi. Hacı Səməd xan və çar konsulu tərəfindən başlanan bu xain təşəbbüs darmadağın edildi, arvad mərsiyəxanlığı məsələsi kökündən ləğv oldu. Lakin onların təşkil etdiyi İntizariyun firqəsi öz işini aparırdı. Konsulun və Hacı Səməd xanın parası ilə Kərbəlaya göndərilənlərin siyahısı tutulmuşdu, onlar yavaş-yavaş öz casusluq vəzifələrini bitirmək üçün Beynəlnəhreynə yola düşürdü. Küçələrdən çavuş səsləri bir-birinin dalınca eşidilirdi: «Görsün səfər tədarükünü karvan köçür, Hər başda var əlaməti-sevdayi-Kərbəlabı – səslərindən qulaq tutulurdu. Pul alıb vəzifə ifası üçün Kərbəlaya gedənlərdən başqa bir çoxları da hazırlıq görüb öz parası ilə gedirdi. Evini girov qoyan, mülkünü satan, borc alıb ziyarətə gedənlər də var idi. Zatən Təbriz xalqında təqlidçilik Şərqin başqa xalqlarına nisbətən bir neçə qat artıqdır. Təbrizdə varlılar tərəfindən başlanan bir təşəbbüsü az sərmayəli bir dükançıda da görmək mümkündür. Varlı İmam Hüseyn təziyəsi saxladısa, bir dükançı da saxlamalıdır, dövlətli imam ehsanı verdisə, ortabab da pul borc götürüb imam ehsanı verməlidir. Tam ziyarət məsələsi qızışdığı günlərdə Təbriz şəhərinin divarlarına bu məzmunda bir intibahnamə yapışdırıldı: €Təbriz camaatına! 1907-ci ildən başlayaraq 1911-ci ilə qədər Təbriz xalqının göstərdiyi qəhrəmanlığı İran inqilabının tarixi heç bir vaxt unutmayacaqdır. Azərbaycan xalqı, daim İran inqilabına təkan vermişdir. İnqilab duyğularını heç bir qüvvə sizin zehninizdən çıxara bilməmişdir. Siz Nəsrəddin şah, Müzəffərəddin şah və onun oğlu Məmmədəli şah dövründə də mərkəzi hökumətə təsir etməklə öz fikrinizi həyata keçirmişsiniz. Hazırda çar istilası sizi qorxutmasın, siz bütün mübarizələrdə müvəffəqiyyət qazandığınız kimi, bu mübarizədə də müvəffəqiyyət qazanacaqsınız. Təbriz camaatı! Son günlər Hacı Səməd xan və Təbriz konsulu sizin üçün təzə macəra hazırlamaqdadır. Onlar mövhumi fikirlərlə sizin inqilabi şüurunuzu çürütməyə və sizi inqilabdan əvvəlki zamanlara qaytarmağa çalışırlar. Siz Hacı Səməd xanın düzəltdiyi siğəxanaların iç üzünü gördünüz, oralarda Təbriz qadınlığının nə kimi fəlakətlərə cəlb olunduğunu anladınız. Qadınlar üçün düzələn mərsiyə məclislərinin lotuxanaya döndərildiyini yəqin etdiniz. Düşmənlər sizin uşaqlarınızı gözü açılmadan ağlamağa və acizliyə öyrədir, xalqın düşməni məktəbləri mərsiyə məclislərinə, dərsləri isə İmam Hüseynin Kərbəla tarixinə dəyişdirmişdir. Gecələr Təbriz küçələrində: €Ya sahibəzzəmanlb deyə qışqıranlar kimlərdir? Onlar çar konsulxanasının xəfiyyələri, casusları deyilmi? Konsul və Hacı Səməd xanın Kərbəla ziyarətinə göndərdiyi kimlərdir? Kərbəladan, Bağdaddan siyasi xəbərləri yığıb konsula və ingilis əks-kəşfiyyatına göndərmək üçün gedən casuslar deyildirmi?1 Təbriz camaatı! Cərgənizdə olan avam kütlələrə anladın, onlara bu xəyanətin üç üzünü göstərin, onların bu casus təşkilatına yazı!masına imkan verməyin. Hacı Səməd xan qadınlar kinoteatrlarını nə üçün bağlatdırdı? Çünki onun vasitəsilə Təbriz qadınları siğəxanalardan, məqbərələrdən, ziyarətgahlardan qurtarıb özlərini mədəni bir əyləncə içində görəcək və mövhumatdan uzaqlaşacaq idilər. Hacı Səməd xan xalça fabriklərinə, əbaçılığa, kisəçiliyə gedən qadınları nə üçün fabriklərdən eşiyə tökdürdü? Çünki siğəxanalar və qadın bazarları boşalmağa başlamışdı. Təbriz camaatı! Seyid İbrahim məqbərəsi kimi görüş evində öz namusunu satanlar kimlərin qadınlarıdır? Siz Sahibüləmr məscidindəki rüsvayçılığı eşitmədinizmi? Xalqın kəbinli arvadını başqalarına siğə verən mollaları tanımadınızmı? Siz xalqın siğəxanaları nə üçün dağıtdığını bilmədinizmi?1 Hacı Səməd xan bununla sizin inqilabi şüurunuzu çürütmək, sizi vicdansızlığa, namussuzluğa sürükləmək istəyir. Siz bu xainlərlə mübarizə aparın! Yorulmayınl Siz köməksiz deyilsiniz! İnqilab komitəsiə. * * * Azərbaycan valisi ilə onun müavini sərdar Rəşid arasında mübarizə davam edirdi. Sərdar Rəşidin özü də Hacı Səməd xanı nüfuzdan salmaq üçün Azərbaycandakı hərc-mərcliyi dərinləşdirir və bunun məsuliyyətini Hacı Səməd xanın öhdəsinə atmağa çalışırdı. Azərbaycan bu vəziyyətdə ikən xarici avantüra təhlükəsi də yaxınlaşırdı. 11-ci ildə Əmir Heşmətin ruslara qarşı qaldırdığı üsyandan sonra Əmir Heşmətin dəstəsi ilə bərabər Osmanlı torpağına çəkilən Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi Türkiyə-Rusiya ixtilafindan istifadə edərək, Təbrizi işğal etmək xəyalına düşmüşdü. Ənvər paşa rusların diqqət-nəzərini İran cəbhəsinə cəlb etmək, bununla da Sarıqamış üzərinə hücum edən Əlehsan paşa öz ordusunun vəziyyətini yüngülləşdirmək məqsədi ilə İstanbulda Təbriz üzərinə hücum etmək üçün bir dəstə təşkil etmişdi. Bu dəstəyə İstanbuldakı İran qaçqınlarını cəlb etmək və eyni zamanda İran daxilində dəstənin qələbəsini təmin etmək məqsədi ilə Ənvər paşa öz avantürasına Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçini də cəlb etmişdi. Hələ Kəblə Hüseyn və Hacı Mirzağa Kərkük və Səlmaniyyə tərəflərində dəstəyə könüllülər səfərbərlik etdiyi zaman Təbrizdəki demokratlara öz fikirlərini bildirmiş və yaxınlarda bir dəstə ilə Azərbaycana girəcəklərini xəbər vermişdi. Bir neçə gün sonra Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçinin üçüncü məktubunu aldıq. Bu məktubda Mirzağa öz fikrini çox açıq söyləmişdi. Məktubda yazılmışdı: «Möhtərəm rəfiqlərl Aldığımız məktublardan məlum olur ki, sərkarların vücudları əlhəmdülillah salamat və səhihdir. Ümid edirik ki, beynəlxalq vəziyyət bizi tez bir zamanda görüşdürə biləcəkdir. Biz Azərbaycanı çar istilası altından qurtaracağımız bayramı sizinlə birlikdə keçirəcəyik. Osmanlı dövlətinin Avstriya və Almaniya ittifaqına qoşulub Rusiya əleyhinə müharibəyə başlaması, İran inqilabçılarının qarşısında böyük bir məsələ qoydu ki, o da İranın bu ittifaqa qoşulması lüzumundan ibarətdir. Möhtərəm rəfiqlər yazmaq istədiyimiz şad xəbərlərdən birisi də budur ki, «İttihad və tərəqqi» firqəsi rəhbərləri birinci növbədə öz qarşılarında Azərbaycanı ruslardan təmizləmək məsələsini qoymuşlar, onlar bu barədə hər nə məsarif və canlı qüvvə lazım gəlirsə, öz öhdələrinə götürüblər. Biz təzə və xarici bir qüvvətlə Azərbaycana daxil olmaqdan əvvəl, siz də Təbriz əhalisi arasında osmanlı-alman və İran ittifaqı lüzumunun zəminəsini hazırlayasınız. Burası bizim üçün günəş və su kimi lazımdır. Möhtərəm rəfiqlərl Siyasi məsələlərdən sizə dərs vermək artıqdır, biz hamımız bilirik ki, İranın rus və ingilis istilasından qurtarması və müstəmləkə Şərqin əbədi xilası osmanlı-alman silahının qalib gəlməsindədir. Buna görə də biz İran demokratları siyasi vəziyyətin bizə qazandırdığı bu fürsətdən istifadə etməyə çalışmalıyıq, biləks tarix qabağında böyük bir məsuliyyət daşıyacağıq. Möhtərəm rəfiqlərə bunu da xatırlatmalıyıq ki, bu təşəbbüsə mane olanlar Osmanlı dövləti tərəfindən böyük cəza görəcəkdir. Siz bu nöqtələri də xalqın qabaqda gedənlərinə anlatmalısınız, Osmanlı silahının qarşısına çıxan və Almaniya qüvvətinin qabağında duran yalnız İranın yox, bütün Şərqin səadəti yolunda tikan əkmiş olacaqdır ki, bunu da tarix bağışlamayacaqdır. Hazırda bütün əzilmiş xalqlar Almaniya-Türkiyə ittifaqından istifadə edib öz istiqlalını bərpa etməyə çalışır. Biz bu fürsəti əldən buraxsaq, daha heç vaxt müvəffəqiyyət qazana bilmərikbə Biz müharibənin əvvəllərində belə, alman-osmanlı silahının qalib gələcəyinə inanmırdıq, çünki Almaniya ittifaqında olan Avstriya və Türkiyə dövlətlərinin daxilindəki müxtəlif xalqların əhvaliruhiyyəsi də bizə bunu nişan verirdi. Osmanlı-alman silahının qələbəsinə inanmaq olsa belə, adını inqilabçı qoyan Təbriz demokratlarının bir imperialistlə ittifaqa girib başqa bir imperalistə qarşı müba- TrizƏ aparması yaramazdı. Biz İranın Ənvər paşa avantürasına qoşulmasında ölkənin məhvini və müstəmləkə həyatının dərinləşməsini görürdük. İclasda olan yoldaşlardan birisi alman-osmanlı ittifaqı məsələsi aralığa gəldiyi zaman gülərək: – Çox mübarək olsun, bir ərdən boşanıb, başqa bir ərə gedirik, – dedi və bir çoxları da bunu təsdiq elədi. İclas Hacı Mirzağa Büllurinin və Hüseyn Fişəngçinin məktubunu müzakirə edəndən sonra, İranın bu avantüraya qoşulması işinə maneə törətmək, bu təşəbbüsü aralığa sürən Mirzağa Bülluri ilə əlaqəni kəsmək və müstəqil hərəkət etmək qərarını çıxardı. Şübhəsiz ki, biz osmanlı-alman və İran ittifaqına qarşı çıxdığımız zaman hər şeydən qabaq bizə rusofillik damğası vuraraq kafir ad- İandıracaq və avam kütlələri bizim əleyhimizə qaldıracaqlardı. Osmanlıların Təbrizi işğal etdikləri zaman Təbriz demokratlarını rusofil adlandırıb dar ağacına qaldıracaqları qorxusu da var idi. Təbriz demokratları iki qılıncın arasında qalmışdı. Onlar üçün osmanlı-alman təklifini qəbul etmək də, etməmək də qorxulu idi. Buna görə də Hacı Mirzağa Büllurinin məktubunun cavabını üç gün təxirə saldıq. Nə cür cavab verəcəyimiz haqqında düşünürdüksə də, bir yol tapa bilmirdik. Üçüncü gün idi, axşam çayını içəndən sonra yazı stolunun da- İnnda oturub düşünürdüm. Məcid də gəlib yanımda durmuşdu. Fikrim dağınıq olduğundan onun suallarına lazımi qədər cavab verə bilmirdim. Nəhayət, uşaq mənim təbii halımda olmadığımı hiss edərək, dönüb Ninanın üzünə baxdı. Nina uşağı mənim yanımdan uzaqlaşdırmaq üçün ona məşğuledici suallar verirdi, nəhayət, uşağı öz yanına alaraq dedi: – Görünür ki, səni yoran çətinlik mənə söyləməli məsələ deyildir, eləmi? – Nina, görünür ki, biz Təbrizdə ifa etdiyimiz vəzifələri yaxşılıqla başa vura bilməyəcəyik, – dedim. – Vəzifələri axıra yaxşı çatdırmaq üçün düşünmək və bacarmaq lazımdır. – Düşünmək yox, bacarmaq çox çətindir. Üç gündür ki, bu qədər düşünürəm, bir nəticə çıxara bilmirəm. – Dünyada insanın bacarmadığı bir şey yoxdur. – Nina, sən Əmir Heşmət üsyanından xəbərdar idin. Əmir Heşmətlə bərabər İstanbula qaçanların bir neçəsi orada İttəhadi-tərəqqi firqəsinin avantürasına qoşulmuşdur, İranı da bu avantüraya qoşmaq istəyirlər. Bizə isə burada xalqı hazırlamaq və onların gətirdikləri qüvvətlə bərabər çar hökuməti əleyhinə üsyan qaldırmağı təklif edirlər. Bir cahangirlə birləşib, başqa bir cahangirə qarşı mübarizə aparmaq bizə yaraşmaz. O biri tərəfdən də biz onların təklifini rədd edərsək, onlar Təbrizə girdiyi vaxt bizi rusofillikdə töhmətləndirib, xain hesab eləyəcəklər, eyni zamanda bu məsələnin İran demokratları arasında ikitirəlik salmaq qorxusu da vardır. Bir çoxlarının fikrinə görə guya İranın alman-osmanlı ittifaqlarına qoşulması məzlum Şərqə nicat verəcəkmiş. Bu qorxu yalnız bizi deyil, İranın gələcəyini təhdid edir, çünki alman və osmanlı silahı bu hərbdə qalib gəlsə, İranın çətin vəziyyəti dəyişməyəcəkdir. İran Almaniya imperializminin müstəmləkəsi şəklini alacaqdır. Bu isə çar müstəmləkəçiliyindən daha dəhşətli, daha qorxuludur. Bu sözlərdən sonra Nina qolumdan tutub qaldırdı və qələmi götürüb yazmağa başladı. Gecə saat birdə yazdığı cavabı oxudu: «Hörmətli rəfiqlərl Çox böyük bir sevgi ilə göndərdiyiniz rəfiqlik məktubunu aldıq, hər məsələdən qabaq salamatlığınız bizə lazımdır ki, ondan da əmin olduq. Göndərdiyiniz məktubu iclasda oxuduq, məktubda qeyd etdiyiniz məsələlər bir çox mübahisələrə səbəb oldu, aralığa müxtəlif fikirlər atıldı, lakin bunların heç birisi sizin qiymətli məktubunuzun tələblərinə cavab deyildir. Məktubda İranın gələcək səadəti üçün yazdığınız cümlələr bizim üçün qismən aydın deyil, nədənsə bu cəhətləri bir az örtülü keçmişsiniz. Əvvəla, osmanlılarla ittifaq məsələsi yalnız Azərbaycana aid olan bir məsələ deyildir, bu məsələ ümumi İran miqyasında həyata keçiriləcək bir məsələdir. Bu barədə mərkəzi hökumətin fikri bizə məlum deyildir. Hərgah biz mərkəzi hökuməti bir tərəfə buraxaraq ittifaq məsələsini öz başımıza həll etmiş olursaq, o zaman İran demokratlarının kütlələr içərisindəki nüfuzuna zərbə vurmuş olacağıq. Hazırda biz mərkəzi bir tərəfdə buraxıb İran-Türkiyə ittifaqı barəsində danışarsaq, heç şübhə yoxdur ki, Hacı Səməd xanın getdiyi yolu davam etdirmiş olacağıq. Biz yalnız mərkəzi hökumətin deyil, Tehrandakı demokratların da bu barədəki fikrindən xəbərdar deyilik. Ola bilər ki, onlar bizim fikrimizlə razılaşmadıqları üçün aralıqda ikitirəlik düşsün və qüvvətimiz iki cəbhəyə ayrılsın. Buna görə siz bu məsələni Tehranla razılaşdırıb nəticəsini bizə xəbər verin. Çünki bizim Tehran ilə heç bir əlaqəmiz yoxdur və bu əlaqəni düzəltmək də mümkün deyil. (Vəziyyəti çox yaxşı bilirsiniz, bu barədə təfsilatı lazım görmədik.) Hazırda Azərbaycanda hərc-mərclik və iğtişaş həddindən artıqdır. Çar konsulxanası iğtişaşın Təbrizə sirayət etməməsi üçün qəti tədbirlər görmüşdür. Buna görə də Təbriz xalqının azad hərəkət etməsinə heç bir imkan yoxdur. Hacı Səməd xan son günlərini keçirməkdədir. Çar hökuməti sərdar Rəşidi (Rəşidülmülk) onun yerinə hazırlamaqdadır. Sərdar Rəşid Baba bağında əyləşib hökuməti ələ almaq üçün hazırlıq aparır. Təbriz demokratları iki odun arasında qalmışdır. Mümkün olduğu zaman bu odun içindən çıxmaq və bir tərəfə çəkilməyi düşünürlər. Təəssüf olsun ki, bu imkanı da əldə etmək mümkün deyil. Hərgah mümkün olursa, məktubda bizim üçün aydın olmayan məsələləri tezliklə aydınlaşdırıb, ikinci məktubla bizə xəbər verin. İnqilab komitəsi). Nina məktubu bitirib mənə verdikdə gülərək dedi: – Buna ruslarda deyirlər ki, Nə balıqdır, nə də ətdirə. İndi qoy onlar bu məktubu oxuyub bizim onlara qarşı nə kimi bir cəbhə tutduğumuzu anlasınlar. Biz bu məktubda onların təkliflərini nə rədd edirik, nə də razılıq göstəririk. * * * Məzhəkələr məscidi Hacı Səməd xan bütün məscidləri və təkyələri canlandırdığı kimi, məşhur dübbələrl məscidini – Mir Müfid ağanın məscidini də rövnəqləndirməyə çalışırdı, çünki camaat bu məscidə bütün məscidlərdən daha artıq gəlirdi. Əmir bazarı və hallac bazarı kimi camaatın oynaq yerində olan bu məscid hər gün saat dörddən camaatla ağızbaağız dolu olurdu. Axşam saat dördə bir az qalmış məscidin qapısı camaatla dolu idi. Məşədi Kazım ağa mənim qulağıma pıçıldayaraq: " Dübbə - məsxərəçi deməkdir. – Burada dübbə olmayan bir sizsiniz, – dedikdə mən ona sual verdim. – Sizdəmi dübbəsiniz? – Lap böyüyündən, - deyə yenə də pıçıldadı və əlavə olaraq dedi ki: – Bir az yavaşdan danışın, burada danışmaq yaramaz, buradakı danışıqlar qaşla, başla, gözlərlə və əllərin işarəsi ilə olmalıdır. – Siz bu dübbəlikdən nə kimi ləzzət alırsınız? – Bu da olmasa Təbrizdə yaşamaq mümkündürmü? – Hansı əyləncəyə gedək? Hansı parka, hansı müsamirəyə gedək? Başımızın yorğunluğunu çıxarmaq üçün bir yerə getmək lazım deyilmi? Madam ki, bir yer yoxdur, onda məscidlərə gedib məsxərəçilik etməyə və vaxtı keçirməyə məcbur olacaqsan. – Bəs nə üçün camaat məscidə girmir? – Bunlar axundu gözləyir, bir az səbir edin, indi nə olduğunu görəcəksiniz. Camaat durub biri-biri ilə salamlaşır və danışırdı, lakin səs eşidilmirdi. Söhbətlərin hamısı Məşədi Kazım ağa deyən kimi baş, qaş, əl və gözlə ifa olunurdu, bəzən qulağını və bığını tərpədənləri də görürdüm. İnsan burada özünü ələ almağı bacarmırdı, gülməmək heç də mümkün deyildi, mən özümə sual verərək: «Bu hərəkətləri öyrənməyə bu adamlar nə qədər vaxt sərf etmişlər??? – deyirdim. Lakin bu hərəkətlərə gülməmək mümkün deyildi, çünki bu qədər oyunlarla məşğul olan camaatın arasında bir nəfər də olsa gülən adam görünmürdü. Hər kəsin simasında bir ciddilik, eyni zamanda bir məzhəkəçilik hiss edilirdi. Bu xalqın içərisində hər bir təbəqədən görmək mümkün idi, hətta bizə salam verən əmmaməli bir adam öz salamını qulağını tərpətməklə verdi və Məşədi Kazım yenə də qulağıma: – Bu məşhur dübbələrdən müəllim Molla Əbdüləlidir, – deyə pıçıldadı. Mən bu laqeyd insana bir neçə dəqiqə diqqət verib baxırdım, o, bir anda həm qulaqlarını, həm bığlarını, həm də gözünün bəbəklərini tərpədirdi. Burada hər kəs ziyalı, hər kəs zəngin, hər kəs tacir, eyni zamanda hamısı da məsxərəçi, oyunçu, məzhəkəçidir. Məşədi Kazım ağa yenə də mənim qulağıma pıçıldadı: – Bütün oyunlar axund minbərə çıxandadır. Yaxşı diqqət verərsınız. Bizim yanımızda duranlar məşhur Cəfər ağa Gəncəli, Hacı Cavad ağa Gəncəli, Təbrizin məşhur tacirlərindən Hacı Əli Həriri" və sair Təbriz əyanları və tacirlərindən ibarət idi. Bunlar da eyni məzhəkəçilik və eyni məsxərəçilikdə iştirak edirdi. Hamısı əyninə uzun əba geyinmişdi, hamısının sağ əli əbanın qolundan dişarı çıxmışdı, hamısının barmağında qırmızı əqiq üzük parlayırdı, hamısının da əlində yüsür təsbeh var idi. Burada insan uzun müddət ayaq üstündə durmaqdan heç də yorulmayırdı. Hər təzə gələn adam insanın nəzərini özünə cəlb edirdi. Bu əyləncə məzmun və mövzu etibarı ilə əhəmiyyətli olmasa belə, insanı məşğul edən əyləncələrin ən maraqlısı hesab oluna bilərdi, çünki insana burada çox xoş keçirdi. Saat beşə bir az işləyəndə bir neçə sərbaz əllərində tüfəng gəlib məscidə girdi, onların hər birisi minbərin qarşısındakı sütunların birinin yanında tüfəngini sütuna söykəyib oturdu. Mən bunların gəlməsinin səbəbini Məşədi Kazım ağadan xəbər aldım: – Tüfəngli sərbazların məsciddə nə işi vardır? – Məsciddə şuluq salanlara mane olmaq üçün Hacı Səməd xan tərəfindən göndərilmişdir. Uzaqdan «Allahümmə səlli əla Mühəmməd və ali Mühəmmədə? səsləri eşidildi. Məscidin qabağında duranların hamısı boynunu qeyri-təbii olaraq zürafə kimi qabağa uzatdı və aralıqda sanki ani bir həyəcan başladı. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. Məşədi Kazım ağa mənə tərəf dönərək: – Ağanı gətirirlər, – dedi və boynunu yenə də irəliyə uzatdı. Gündüz idi, açıq hava idi, ağanın qarşısında iyirmiyə qədər yandırılmış fanar çəkirdilər. Mən heyrətlə Məşədi Kazım ağaya baxdım və onu dümsükləyib soruşdum: – A kişi, gündüz saat beşdə bu nə fanardır? – Ağanın şəni, mərtəbəsi bundan da ucadır, – dedi və yenə də irəli soxuldu. Mən yenə də soruşdum: – Bilirəm ağanın şəni bundan ucadır, mənim dediyim odur ki, günəş olduğu zaman fanar nə lazımdır? Məşədi Kazım ağa: – Bixəyal olun, varlığa nə darlıq? – deyərək ağanı uzunqulaqdan düşürmək üçün səkidən yerə atıldı. Ağa palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi, uzunqulaq çox da sürətlə gedə bilmirdi. Ağa sağda və solda gələnlərin salamını alaraq csalaməleykümə və «əleykəssalam» deyərək başını o tərəf-bu tərəfə çevirir, sanki çiyinlərini qapa-qapa gedirdi. Çox qəribə burasıdır ki, o, ətrafındakı dübbələrə heç də əhəmiyyət vermirdi, çünki neçə illərdir ki, axund bu hoqqabazlara öyrənmişdi. Məşhur dübbələrdən Mirzə İbrahim Əkbərzadə və Ağa Seyid Məhəmməd qollarını çırmayıb uzunqulağın üzəngisindən tutub gəlirdi. Onlar üzünü camaata tutaraq: – Ağalar, bir salavat! – deyə qışqırdıqda hər tərəfdən salavat səsləri eşidildi. Uzunqulaq məscidin qabağında dayanan kimi camaat hücum edib ağanı uzunqulağın üstündən götürdülər və əllərinin üstündə məscidə gətirdilər. Mir Müfid ağanı məscidin ortasında yerə qoydular, camaat dərhal yerini tutdu. Yenə də səs eşidilmirdi, camaat çox sakit idi. Mən ağaya diqqət verirdim. O, minbərə yaxınlaşıb minbərin qollarından öpdüyü zaman onun diksindiyini hiss etdim. O, tez başını qaldırıb ağzını və bığlarını sildiyi və özünü bir az şaşırdığı zaman Məşədi Kazım ağa mənə pıçıldadı: – Ağanın atasını dalısına sarıdılar. Mən təəccüblə soruşdum: – Nə üçün? Mən də bir şey hiss etdim, nə olubdur? – Nə olacaqdır? Minbərin qollarını yapışqan ilə suvamışlar, ağanın ağzı və bığları bir-birinə yapışıbdır. Mən bu sözdən sonra gözümü ağanın üzünə zilləyib baxırdım. Onun ağzı açıq qalmışdı, çünki dodaqlarını yumduqda bığları ilə saqqalı bir-birinə yapışırdı. O, minbərdə oturduğu zaman əlini əbanın altından yanlarına uzadıb qurdalanırdı, altındakı döşəyi o tərəf-bu tərəfə çəkirdi. Tez-tez qalxıb, yenə də otururdu. Şübhəsiz ki, bu yapışqanın nəticəsi deyildi. Nəhayət, Məşədi Kazım ağa mənim bu- – nunla maraqlandığımı hiss edərək dedi: – Ağanı yaman yerindən oxlamışıq. Döşəyinin üstünə yüzdən yuxarı iynə taxıblar. Ağanın minbər üstündə qurdalanması on dəqiqədən yuxarı çəkdi, bu müddətdə camaat gah €Ya Əlil qışqırır, gah da peyğəmbər və onun övladına salavat göndərirdi. Ağa döşəyi götürüb quru taxtanın üstünə əyləşdi və üzünü çevirib məsciddə oturan camaata nəzər saldığı zaman, camaatın üzündə cürbəcür oyunlar və ədalar görmək mümkün idi. Lakin ağa bunların heç birisi ilə məşğul deyildi. Ağa heç kəsin, hətta özünün də anlamayacağı tərzdə bir xütbə oxumağa başladı, camaat isə çox sakit oturub baxırdı. Xütbə çox uzun çəkmədi, çünki axund hər iki tərəfdən əziyyət çəkirdi. Bir tərəfdən döşəyə taxılmış iynələr yumşaq yerinə dolmuşdu, o biri tərəfdən danışdığı zaman bığ-saqqalı bir-birinə yapışırdı. Ağa Allahın öz bəndələrinə olan mərhəmətindən və onun hər bir işə qadir olduğundan və onun min bir adından dedikdən sonra üzünü çox əzəmətlə camaata tutub dedi: – Xudavənd təbarək və taalaya min şükür! Bu söz ağanın ağzından çıxan kimi məsciddə camaat xor oxumağa başladı. Sanki onların hamısı bir-biri ilə sözləşmiş və vaxt ikən hazırlaşmışdı. «Min şükür xudavəndi-cahanın kərəminə, Heç olmaz belə gərdən, belə sinə, Dolan gəl beləsinə, beləsinə. Mən təəccüblə ətrafıma baxmağa başlamışdım. Hamı oxuyurdu, hətta yanımda oturan Məşədi Kazım ağa və Hacı Əli Həriri də oxuyurdu. Məscidi sakit saxlamaq üçün Hacı Səməd xan tərəfindən göndərilən sərbazlar da əldə tüfəng olaraq bu xorda iştirak edirdi, ağa isə fürsətdən istifadə edib yenə də əbanın altında qurdalanırdı, görünür ki, şalvarına daraşmış iynələri yavaş-yavaş təmizləyirdi. Bu vəziyyət çox uzun çəkdi. Sərbazlar yerə oturduğu zaman xor bitdi. Ağa məclisin sakit olmasını görüb yenə də üzünü camaata çevirdi və: – Bəh, bəh! Yaxşı cəmiyyət etmişsiniz, – dedi və xütbəsinin mövzusu ilə əlaqədar olaraq bir şeir oxudu: Əbr, bad, məhü xurşid, fələk dərkarənd, Ta tü nani bəkəf ari və bə qəflət nə xuri./ Təbiidir ki, bu şeirdə heç bir fövqəladəlik yox idi. Bu şeiri eGülüstanə kitabında yalnız yaşlılar deyil, on beş yaşında məktəbli uşaqlar da oxuyub bilirdi, buna baxmayaraq, məsciddəkilər böyük bir təəccüblə bir-birinin üzünə baxıb dilini damağında marçıldadırdı. Bu da çox uzun çəkdi, nəhayət, sərbazlar yerindən qalxıb: – Ağalar, sakit olun, moizəyə mane olmayın, – dedikdə xalq sakit oldu, ağa isə camaata müraciətlə: – Bir salavati-qərra!? Mir Müfid ağa bu sözü dedikdən sonra bir nəfər minbərin sağ tərəfindən ayağa qalxıb camaata müraciət etdi: – Həzərat! Mən on ildir ki, Təbrizdən getmişdim, hər ildə də bu məscidə iki dənə €Ya Əliə nəzrim vardır. İcazə verin mən öz borcumu verim. Hələ Mir Müfid ağa cavab vermədən, camaat əlini qulağına qoyub ucadan €Ya Ələ qışqırmağa başladı. Bu vaxt bazar camaatı da bu qışqırtıya məscidin qapısına yığışmışdı, küçədən də €Ya Əliy qışqırtısı eşidilirdi. Mir Müfid ağa hər nə məsələdən başlamaq istəyirsə, məsciddəkilər ya €Ya Əliə qışqırır, yainki salavat çəkirdi. Mir Müfid ağa birtəhər xütbəsinin qol-qanadını qırıb məsələyə keçdi və üzünü camaata döndərib dedi: – Xudavəndi aləm yüz iyirmi dörd min peyğəmbərin hər birisinə bir cürə qüvvət, bir cürə kəramət əta buyurmuşlar. İsaya ölü diriltmək, Musaya Allah-taala həzrətləri ilə danışmaq, İbrahimə odda yanmamaq, Süleyman peyğəmbərə göydə uçmaq... Bu zaman camaat qalxıb minbəri götürdü və salavat çəkə-çəkə məscidi dolanmağa başladı. Mir Müfid ağa isə hələ minbərdə öz sözünü davam etdirərək: – Yusifə gözəllik, Yunisə balığın qarnında yaşamaq, peyğəmbərimiz Salavatullaha isə minlərlə möcüzələr kəramət buyurmuşdur. Möminlər, imamlar da belədir.cKənzülqəraibə sahibi yazır ki, həzrət Hüseyni Kərbəlanın meydanında dərəceyi-şəhadətə yetirəndən sonra, onun libasını soyundurdular. Yezid onun əmmaməsini götürüb başına qoyan kimi keçəl oldu. Yenə də məsciddə heyrət başlandı, yenə də dilləri damaqlarda şappıldatmağa başladılar. Bu vəziyyət bir neçə dəqiqə davam etdi, lakin Mir Müfid ağa sözünü davam etdirib deyirdi: – Cəuneyi Xizrəmi həzrətin şalvarını geyən kimi bədəni çiban tökdü. Malik ibn Yəssar həzrətin dəmir geyimini geyən kimi dəli oldu. Cəmil ibn Məznun həzrətin üzüyünü barmağına taxan kimi şil olub yerə yıxıldı. Xəyan ibn Mütin həzrətin kəmərini belinə bağlayan kimi qarın və bel ağrısına mübtəla oldu. Camaatın bir çoxu bu sözdən sonra əlini qarnına qoyub ufuldamağa başladı, məsciddə şuluq başlandı, bu dəfə Mir Müfid ağa minbərdə dayandı, öz sözünü itirdi, sərbaz qalxıb məscid xalqını sakit etdi. Mir Müfid ağa isə sözünü başqa yerdən başladı və: – Cəbrayıl nazil olub həzrət peyğəmbərə Allah-taaladan müfdə gətirdi, – dedikdə haradansa boynuna bir kağız bağlanmış göyərçin qalxıb minbərin üstündəki tağa qondu, camaat isə «möcüzə olduə – deyə bir-birinin dalınca salavat çevirməyə başladı. Mir Müfid ağa sözünü kəsməmişdi. – Həzrətə müidə verib ərz eylədi ki, xudavəndi-aləm sənin nəslindən bir nəfər oğlan uşağı dünyaya göndərəcəkdir ki, onun adı Hüseyndir, o özünü Kərbəla adlı yerdə qurban verməklə sənin ümmətinin günahlarını bağışlatdıracaqdır. Şiələr həmin bu Hüseyndir ki, Şümr məlun onun başını Kərbəlada kəsib bir at torbasına saldı və onu Yezid məluna hədiyyə apardı. Yezid onun başını qızıl teştin içərisinə qoyub əmr etdi ki, €Xiyzəran çubuğu gətirinlb Çubuqları gətirdilər. Yezid məlun onları əlinə alıb həzrətin qanlı dodaqlarına vurmağa başladı. – Camaat, sizə xiyzəran çubuğu deyirəm, o, şaftalı ağacı deyildi, o, alça ağacı deyildi, o, armud ağacı və ərik ağacı deyildi. Camaatın hamısı birlikdə Təbrizdə məşhur təsnif olan «Ərik ağacıə nəğməsini oxumağa başladı: €Ərik ağacı, əzmələrin olaydım, Ərik ağacı, düymələrin olaydım?. Bu gün Mir Müfid ağa məclisi əlinə ala bilmədi. Əlinin Xeybərdə Mərhəb ilə olan davasını deyəndə aralığa iki dənə xoruz ötürdülər, xoruzlar qızğın bir surətdə döyüşməyə başladılar. Ağa acıqlandı, camaatı Allahın qəzəbi ilə qorxutmağa və cəhənnəmdən danışmağa başlayaraq dedi: – Sakit olun, ey Allahın bəndələri! Qorxun qiyamətin günündən! Qorxun cəhənnəm əzabından! Qorxun Təbatüm məlaikəsindən, qorxun Təbatüm məlaikəsinin verdiyi əzablardanl.. Həzrət Rəsul meraca təşrif apardığı zaman cəhənnəmin səyahətinə təşrif apardılar, Həzrət Rəsul orada çox böyük bir məlaikəyə rast gəldi, o məlaikənin bir dodağı məşriqdə, bir dodağı isə məğribdə idi. Həzrət Rəsul Cəbrayıldan soruşdu ki: €Ya Cəbrayıl, ey mənim səmimi qardaşım, bu məlaikənin adına nə deyirlər? Bu məlaikənin vəzifəsi nədir?? Həzrət Cəbrayıl ərz elədi ki: €Ya peyğəmbər, bu məlaikənin adı Təbatümdür, yəni yeyib qusan məlaikə. Bunun vəzifəsi dünyada sənin ümmətinin sözünə baxmayan və onların üzünə ağ olan günahkarları yeyib yenə də qusmaqdır. Təbatüm məlaikəsi hər kirpik çalımda yetmiş min günahkarı yeyib, yenə də qüsur, bu minval ilə Təbatüm məlaikəsi hər bir günahkarı gündə yetmiş min dəfə yeyib qusa biləm. Camaat çə, ə, ə) etməklə özlərini Təbatüm məlaikəsinə oxşatmağa başladı. Sərbazlar camaatı nə qədər sakitliyə dəvət etdisə, yenə də mümkün olmadı, nəhayət, axund minbərdən düşüb məsciddən kənara çıxdı. Nökəri, uzunqulağı qapıda saxlamışdı. O, uzunqulağı minib yola düşdüyü zaman hava qaranlıqlaşmışdı, gündüz uzunqulağın qarşısında onlarca fənərin çəkildiyinə baxmayaraq, gecə qaranlığında ağa evinə fənərsiz qayıtdı. Bir gün bu hadisədən keçəndən sonra məscidin qabağında Hacı Səməd xan tərəfindən belə bir elan vurulmuşdu: «Təbriz camaatına! Eşitdiyimə görə, Təbriz məscidlərində bəzi nagüvara hərəkətlər baş verməkdədir. Bəzi əclaf və bəzi din düşmənləri məscidlərə yığılıb üləmanı bihörmət edirlər. İslam donuna girmiş babilər dini-islamın fəzilətindən, zümmeliətharın kəramət və möcüzələrindən moizə edildiyi zaman məclisə şuluqluq salıb, üləmaya öz vəzifələrini bitirmək üçün imkan vermirlər. Xüsusən Hallac bazarda, Mir Müfid ağanın məscidində, dinə və şərəfi-islama layiq olmayan bir çox hadisələr baş verdiyini eşidirik. Bu gündən etibarən bütün Təbriz camaatına xəbər verirəm ki, üləmanın hörmətinə toxunanlar moizə və təziyə yerlərində şuluqluq salanlar, məscidlərdə yersiz €Ya Əlibb və salavat çağıranlar, göyərçin uçurdanlar, xoruz döyüşdürənlər, üləmanın üzünə baxıb qaş-göz oynadanlar, dili ilə, əzası ilə üləmanı bihörmət edənlər, gündüz fanusları yandırıb üləmanın uzunqulağının qabağına düşənlər, məsciddə dalısını minbərə, üzünü başmaq çıxaran yerlərə çevirib oturanlar, hər kim olursa olsun, həbsə alınacaq və cərimə ediləcəkdir. Valiyi-əyaləti Azərbaycan Hacı Şücaüddövlə Səməd xanə. * * * Çarın təzə nökəri Xariciyyə naziri Sazonov Tehrandakı rus səfiri Etter vasitəsilə Hacı Səməd xanın Azərbaycandan çıxarılması məsələsini Təbriz konsuluna xəbər vermişdi. Hacı Səməd xan isə özünün Təbrizdə qalmaq arzusunun qəbula keçməyəcəyini bildikdən sonra, «öz məmləkətimdir, qalıb hökumət sürəcəyəməp deyə bir neçə gün Rusiya konsulunun xəbərdarlığına əhəmiyyət verməmişdi. Rusiya konsulu onun hökumətdən xaric edilməsi məsələsini heç bir vəchlə təxirə sala bilmirdi, çünki Tehranda Almaniya və Türkiyə səfirlərinin cavan şahla müzakirəyə girişməsi və İranı alman-türk ittifaqına daxil etməsi təlaşları necə ki, Rusiya hökumətin, eləcə də ingilisləri rahatsız edirdi. Bunun üçün də Təbrizdə bir dəyişiklik görünürdü. Bizcə, Hacı Səməd xan möhkəm durmuş olsaydı, o, müharibənin qəti zamanlarında öz əlində olan yerlərdən silahlı qüvvə dəvət edər və rusların hərəkətinə əngəl törədə bilərdi. Lakin Səməd xan yenə də çarın gələcək mərhəmətinə əmin olduğu üçün bu cəsarəti etmədi. Gündüz saat üçdə Nina konsulxanadan ingilis və çar konsulları tərəfindən Hacı Səməd xana verilən ultimatumun qısa məzmununu gətirdi. «Sizin çar hökumətinə verdiyiniz ərizəni və sizin orada göstərdiyiniz bir neçə səbəbləri nəzərə alaraq, çar hökuməti məzuniyyətə getməyinizə icazə verdi, lakin beynəlxalq vəziyyəti nəzərə almayaraq sizin bu işi təxirə salmağınız bizi ikinci dəfə sizə xəbərdarlıq vermək məcburiyyətində qoydu. Hərgah bir həftəyə qədər Təbrizdən xaric olmasanız, o zaman çar və ingilis konsulxanaları icbari vasitələrə müraciət edəcəkdirə. Konsullar bu xəbəri verdikdən sonra Hacı Səməd xan öz arzularından tamamilə məhrum oldu və Təbrizdən çıxmağa məcbur qaldı. O bu xəbərdarlığı aldıqdan bir gün sonra Nizamüddövlə bağından çıxaraq Nemətabada çəkildi, dörd günün müddətində qatır karvanları onun dörd il müddətində Təbrizdən və bütün Azərbaycan xalqından soyduğu dövlətini Marağaya daşıdı. Nəhayət, beşinci gün Hacı Səməd xanın Nemətabaddan Tiflisə yola düşdüyü xəbərini eşitdik. Onun yerinə təyin edilən sərdar Rəşid böyük bir təntənə ilə Baba bağından Təbrizə köçdü. Havanın rütubətinə və Təbriz küçələrinin palçıq olmasına baxmayaraq, çarın əmmaməli agentləri təzə valini Təbrizə gətirmək üçün axşamdan bəri Baba bağının ətrafında fırlanırdı. Vaxtı ilə Səttar xanın, sonralar Rəhim xanın, Səməd xanın qapısında qəsidə oxuyan dərvişlər, mədhnamə yazan şairlər, bu gün tamamilə Baba bağının qapısında duraraq, öz qurşaqlarında gətirdikləri çörəyi ayaq üstündə yeyirdilər. Baş əyməyə böyük adam axtaran bu qaragüruh saat 11-də öz vəzifəsinə başladı. Sərdar Rəşid öz yaxın adamları ilə bərabər bağdan bayıra çıxdı. Onu hökumət dairəsinə aparmaq üçün çar konsulu öz avtomobilini göndərmişdi. Sərdar Rəşid avtomobilə minməyə tələsmirdi: o, qapının ətrafında yığılan seyidləri, mollaları, ikinci dərəcəli müctəhidləri, tacirləri, ziyalıları nəzərdən keçirib onlarla salamlaşırdı. Dərviş Süleyman adamların dalısından öz qəsidəsini oxumaqda idi. Sərdar Rəşid camaatla salamlaşmaqla bərabər dərviş Süleymanın qəsidəsini də eşitməyə diqqət verir, qəsidədə öz adının çəkilib-çəkilmədiyini eşitməyə çalışırdı. Dərviş qəsidəsini davam etdirirdi: Ey valiyi-vala həşəmin, nəx1-cəlalın Gülzar həyatında görüm barvər olsunə. ” deyə dərindən nəfəs aldıqda, sərdar Rəşid nə isə nökərin qulağına pıçıldadı, nökər isə dərvişə yaxınlaşıb bir tümən onun kəşkülünə atdı. Bu zaman təzə valinin yaltaqları da dərvişin kəşkülünə yaxınlaşdılar və valiyə xoş gəlmək üçün sədəqə verdilər. Dərvişin bu qədər ehsana nail olduğunu görən Soltanüşşüəra özünü irəli soxdu və tez eynəyini taxıb, sərdar Rəşidə yazdığı şeirini oxumağa başladı: «Mərhəba fəsli-zimistan bir gülüstandır bizə dedikdə hər tərəfdən cZindəbad sərdar Rəşid, zindəbad həzrəti əşrəfbə – səsləri ucalıb Soltanüşşüəranın şeirini yarımçıq qoydu. Buna baxmayaraq, sərdar Rəşid onu ehsansız buraxmadı, bir dənə çar on manatlığı onun ovcuna basdılar. Sərdar Rəşid çox təxirlə avtomobilə yanaşdı. O bununla ziyarətinə və istiqbalına gələnləri öyrənmək, onların yaltaqlığına imkan vermək istəyirdi. Avtomobilə oturdu. Onu istiqbala gələnlərin əksəriyyəti ağ uzunqulaqlar minmişdi, faytonlarla gələnlər də var idi, buna görə də sərdar Rəşidin əmrinə görə maşını çox yavaş sürürdülər. Maşının dörd tərəfində sıra ilə uzunqulaqlar gedirdi, piyada gedənlər isə uzunqulaqlardan heç də geri qalmayaraq çamurların içərisi ilə sürünür və öz sədaqətini təzə valiyə göstərməyə çalışırdılar. Bazar-dükan bağlanmışdı, bu ənənə Təbrizdə təzə deyildi, daim Təbrizə təzə hökumət gəldiyi zaman camaat bazar-dükanı bağlayıb istiqbala çıxardı, Tehrandan gələn hökuməti Vasminc şəhərinə qədər istiqbal edərlərdi. Yenə də bu ənənə təzələnmişdi. Şəhərdə bir dənə də olsa açıq dükan yox idi. Hamı təzə valinin istiqbalına getmişdi. Əl alverçilərini və tabaqçılarını yol uzunu görmək mümkün idi. cZindəbad həzrəti əşrəfhə səslərinin içərisindən tabaqçıların bu səslərini eşitmək mumkün idi: – Ay isti paxlal – Ay təzə-tər şorca noxud! – Zindəbad həzrəti əşrəf! – Yaxşı ləbləbidir, ay kasıb, gəl mənə tərəf! – Şəkərçörəyi, qənnadı malı, bədmüşk noğulu, rahətəlhülquml.. Təzə valini cürbəcür səslər müşayiət edirdi. Şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişdi. Bu vaxta qədər bütün Təbrizi əlinə götürən Marağa atlılarından bir nəfər də olsa görünmürdü. Hacı Səməd xan Tiflisə yola düşdüyü gün onlar da Təbrizdən Marağa şəhərinə köçmüşdülər. Təzə Azərbaycan valisini Təbrizə gətirmək üçün bir dəstə İran polisindən başqa bir dəstə də çar kazakı Baba bağına getmişdi. Axşam hökumət binasında böyük ziyafət təşkil olunmuşdu. Ziyafətə sərdar Rəşidlə əlaqəsi olan və olmayan bir çox tacirlər dəvət edilmişdi. Onun bizimlə tanış olduğuna və dəfələrlə evimizə gəldiyinə və bir çox işlərdə bizimlə məsləhətləşdiyinə baxmayaraq, nə məni, nə də Məşədi Kazım ağanı həmin görüş ziyafətinə dəvət etməmişdilər. Sərdar Rəşid bununla özünün böyüklüyünü və bizə olan əlaqəsinin dəyişdiyini bildirmək istəyirdi. Ziyafətə çağırılanların siyahısı tutulduğu zaman Mahru sərdar Rəşidə müraciət edərək: – Yəqin ki, Əbülhəsənbəy yaddan çıxmışdır, – dedikdə sərdar Rəşid: – Hökumət ziyafəti baqqal-çaqqal yeri deyildir, – deyə cavab vermiş və onların arasında böyük bir mübahisə olmuşdu. – Əbülhəsənbəyi baqqal-çaqqal adlandırmaq ayıb deyildirmi? Hazırda o və onun şəriki Məşədi Kazım ağa Təbrizin ən zəngin və ən nüfuzlu adamları deyillərmi? – Zənginlik ayrıdır, nəcabət ayrıl Hələ onlar hökumət yanında yerə oturmaq səlahiyyətini qazana bilməmişlər. Sənə də xəbər verirəm, sən gərək mənim nüfuzumun düşməsinə çalışmayasan. İndi sən Tütünçüoğlunun da tayı deyilsən, indi səni bir vilayətin hakimi və İranın nəcib və nüfuzlu adamı da alar. – O barədə mənə demək lazım deyildir. Mən bu barədə özümü sərbəst hesab edirəm. Mən heç kəsin ixtiyarında deyiləm, sizin ailənizdən asılı olmaq mənim atamı və anamı da məhv etdi. – İndi yalnız sən yox, bütün Azərbaycan məndən asılıdır. Sən kimsən? Bir aciz qızsan, onu bilməlisən ki, dörd milyondan artıq əhalinin səadəti də, müsibəti də məndən asılıdır! – Sənin özün də, üzərində hökm sürdüyün dörd milyon bədbəxt əhali də çar konsulundan asılıdır. Sən xalqın səadətinə çalışmağı ba- carmazsan, səni bunun üçün hökumət başına qoymamışlar, sən xalqa səadət verməyə də qabil deyilsən, qabil olsaydın, bu alçaq vəzifəni qəbul etməzdin. – Mahru, mən səni sevməsəydim, bu saat o dilini kəsər və səni də məhv edərdim. – Mənim atamı da sənin atan öz sevgisi üçün məhv etdirdi. – Sən bunu bir yerdə təkrar etmiş olsan, mən səni çar soldatlarının qabağına salıb Rusiyaya sürgün etdirərəm! – Mən ruslarla yaşamaqdan qorxmuram. Onlar özünün bacı dediyi qıza təcavüz etmək istəyən sənin kimi adamlardan min dəfə yaxşıdırlar. Heç olmasa onlar mədənidir, onlar sənin kimi heyvan deyillər. Bu sözdə sərdar Rəşid özündən çıxmış və qabağındakı boş stəkanı Mahruya atdığı zaman stəkan divardakı güzgüyə dəyib parçalanmışdı. kok Çar general-konsulu öz təzə nökərini – sərdar Rəşidi Təbrizdəki konsullara təqdim etmək üçün təntənəli bir ziyafət təşkil etmişdi. Burada rus təbəələri, rus himayəsində olanlar, rus konsulunun hüsnrəğbətini qazananlar, ingilis, amerikan konsulları, rus konsulxanası məsul işçiləri iştirak edəcəkdi. Biz faytonu qoşdurub Nina ilə bərabər axşam saat on birdə konsulun dəvətnaməsi üzrə ziyafətə getdik. Burada yalnız konsullar deyil, bir çox İran tacirləri də iştirak edirdi, demək ki, bu zifayət Rusiya-İran münasibəti və Rusiya-İran cdostluğuə üçün bir təməl daşı qoyacaqdı. Çar konsulu məni öz diplomat qonaqları ilə tanış etdi, bunsuz da onlar Şərqin adətini bilirdi, hətta ingilis konsulu bir təbrizli kimi €Ağa, mərhəmətiniz artıqlb deyə bir çoxlarının əlini sıxırdı. Eyni zamanda çar konsulunun İran tacirlərinə nisbət tutduğu əlaqə və göstərdiyi saxta nəvazişlər də dəyişmişdi. Çar və ingilis konsullarının bütün rəftarları bunu göstərirdi. Onlar haqlı olaraq tez-tez Rusiya və İran məmləkətlərinin iqtisadca birbiri ilə əlaqədar olduğunu və bu iki məmləkətin sıxı bir əməkdaşlıq nəticəsində səadətə nail olacağını meydana sürürdü. Xüsusən çar konsulu sərdar Rəşidin bir çar nümayəndəsi olduğunu pərdələmək üçün onun İran hökuməti tərəfindən Təbrizə təyin edildiyi sözlərini ziyafət salonundakı İran tacirlərinə tez-tez eşitdirirdi. Lakin sərdar Rəşidin ziyafətə gəlməsi və onun qiyafəsi, konsulun İran tacirlərinə dediyi yalanlarla uyğun deyildi. Sərdar Rəşidin qiyafəsi bir çar general-qubematorunu xatırladırdı. Onun döşündəki cÖryolb nişanı, çiynindəki rus paqonları, qılıncı, kəməri, lentası və sairə tamamilə bir çar general-qubernatorunu təmsil edirdi. Onun iranlılıqdan ibarət olan papağı da başında deyildi. Ziyafət salonuna başıaçıq girmişdi. O, içəri girən kimi qabaqca diplomatlar ayağa qalxdı, ondan sonra bunu hiss edərək başqaları da ayağa qalxdı, lakin özünü rus general-qubernatoru şəklinə salmış sərdar Rəşid özünü mədəni bir rus sahibmənsəbi kimi yox, yenə də bir Şərq feodalı kimi göstərdi, o yalnız rus və ingilis konsullar:nın əlini sıxdı, başqalarına başı ilə salam işarəsi verib: – Ağalar əyləşə bilər! – dedi. Lakin sərdar Rəşid icazə vermədən də ağaların bir çoxu əyləşmişdi. Bunu çar və ingilis konsulları da hiss etdi, onların da üzündə narazılıq əlamətləri göründü. Sərdar Rəşid salonda olan qadınların da əlini sıxmadığından onlarda özünə qarşı böyük bir nifrət oyandırdı. Xüsusən Nina bu işdən çox acıqlanmışdı, çünki vaxtı ilə bizim vasitəmizlə böyümək istəyən və hər yerdə bizim tanışlığımızla fəxr edən, hətta hər kiçik çətinlik üçün bizim evimizə gələn bu adamın hazırkı rəftarı hər bir soyuqqanlı və hər bir adi adamı da acıqlandıra bilərdi. Qonaqlar bir yerə yığılmamışdı, bəziləri papiros çəkir, bəziləri bufetin qabağına keçib dodaqlarını yaşlayır, bəziləri dəyirmi stolların başına yığışıb danışır, bəziləri də qadınlar və qızlarla cüt-cüt salonda gəzişirdilər. Nina ilə mən də salonda dolanırkən, rus konsulu ilə sərdar Rəşid də ayaq üstündə durub nə barədə isə söhbət edirdi. Konsulu telefona çağırdılar, Sərdar Rəşidi buraxıb getdi. Sərdar Rəşid tək qaldıqdan sonra salona göz gəzdirib söhbət etmək üçün əlverişli bir qrup axtarırdı. Onun üçün əlverişli qrup ancaq bizim qrupumuz idi. Sərdar Rəşid qabaqca bizə yanaşdı və Ninanın qolundan tutub soruşdu: – Xanımın kefi necədir? – dedikdə sanki Nina bunun səsini eşitmədi, ona cavab vermədiyi kimi qolunu da dartıb onun əlindən aldı. Sərdar Rəşid məsələni dərhal anladı və mənim yanıma dönərək: – İnşallah cənab sərkarın vücudu səlamətdir, – dedi. Mən: – Həzrət əşrəfin dövlətindən səlamət dolanırıq – dedim. Nina mənim sərdar Rəşid ilə söhbətimi gördüyündən yenə də acıqlandı və tez gəlib, qolumdan tutub başqa tərəfə apardı. – O cürə alçaqlarla danışmağa tənəzzül etmə! – Nina qəti olaraq dedi. – O özünü çox uca tutur, lakin onun bu ucalığının iç üzünü heç kəs bilməsə də, biz yaxşı bilirik. Sərdar Rəşid salonun o baş-bu başına bir az getdikdən sonra qayıdıb oturdu və konsulu gözlədi. Nə işdən ötrü isə ingilis konsulunu da çağırdılar. Sərdar Rəşid tək qalmağa məcbur oldu. Hacı Fərəc Sərrafın oğlu Hacı Mirzağa mənə yanaşdı, onunla bir qədər gəzişdik. O, Məşədi Kazım ağadan şikayətləndi, onun özləri ilə rəqabət apardığı və almaq istədikləri kəndə Məşədi Kazım ağanın müştəri durduğunu söyləməklə ona nəsihət verməyi tapşırdı və məni özü ilə bərabər çəkib sərdar Rəşidin yanında əyləşdirdi. Hacı Mirzağa çar təbəəsi idi, sərdar Rəşid ona yaltaqlandı. Mirzağa isə məşhur dübbələrdən sayıldığı üçün onu ələ salmağa və onu özünün layiq olmadığı yüksək pilləyə qaldırmağa başladı. Bunun üçün də sərdar Rəşid özü inanmadığı bir surətdə qoltuqları şişdi və bu münasibətlə sözə başladı: – Tehran hökuməti, Şücaüddövlənin vücudə gətirdiyi xarabalıqları təmir etmək vəzifəsini mənə tapşırmaqda səhv etməmişdir. Şücaüddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında keçilməsi mümkün olmayan bir uçurum yaratmışdı. Ümid edirəm ki, uçurum ancaq mənim təlaşım nəticəsində islah oluna biləcəkdir. İki hökumətin həmişəlik dostluğunu yaratmaq üçün çox işləmək lazımdır, çünki xarabalıq çox böyükdür. Birinci növbədə xalqımızın siyasi əxlaqını düzəltmək və onları imperator hökumətinin dostluğu əsasında tərbiyə etmək lazımdır. Hərgah çar hökuməti bəndənin fəaliyyətinə əmin olmasaydı, Tehran hökumətinin məni Azərbaycan valisi təyin etməsi qərarını təqdir etməzdi. Mirzağa, sərdar Rəşidin sözlərini təsdiq edərək: – Həzrət əşrəf həqiqətdə çox səhih buyurdular. Hərgah imperator hökuməti həzrət əşrəfi təqdir etməsəydi, imperatorun əla dərəcəli nişanı olan «Üqabi-səfidə." nişanını onun döşünə taxmazdı. Bundan sonra Mirzağa durub getdi, sərdar Rəşid isə mənə tərəf dönərək: – Cənablar əmin olmalıdır ki, sizə olan etimadımız təğyir tapmamışdır, – dedi. – Çox razıyam! Həzrət əşrəfdən xeyirxahlıqdan başqa bir şey gözləmək layiq deyil. – Sizin üzərinizdə olan himayəmiz əvvəlki şəklindədir. – Təşəkkür edirəm! – Əlbəttə, siz də gərək bu himayəni bir qohumluq əlaqəsi kimi məna etməyəsiniz. – Təbiidir ki, mən də özümüzü sizə qohum hesab etmirəm. – Buna görə də siz qardaşınız Ağa Əsədə də tapşırasınız ki, mənim bacım haqqındakı fikirləri birdəfəlik başından çıxarsın, hər kəs gərək öz tayını və öz müsahibini tapsın. – O barədə mən heç bir söz deyə bilmərəm. Hər kəs başındakı fikrini ancaq özü çıxara bilər, o ki qaldı «tay və müsahibə məsələsinə, bu məsələ mürəkkəb bir məsələdir. Zənn edirəm ki, Əsəd qohum olmaq istədiyi qızın mənsub olduğu ailədən nanəcib deyildir. – Təbiidir ki, mən sizin şərəfinizə toxunmaq üçün ona cəza verməkdən vaz keçirəm. – Siz onu bilməlisiniz ki, o çox da aciz oğlan deyil, cəzalanmaq üçün də layiq deyildir. O, sadiq və öz xalqını sevən bir iranlıdır. Bizi himayə etmək məsələsinə gəldikdə, bu barədəki zəhmətinizə razı deyiləm, biz heç vaxt himayədə olmamışıq, öz fəaliyyətimiz, öz hümmətimiz bizi himayə edər. Sərdar Rəşid söhbəti dəyişərək: " Üqabi-səfid – Ağ oryolb nişanına deyilir. Sərdar Rəşid Ərdəbildə hakim olduğu zaman İran xalqına xəyanət göstərməsi nəticəsində çar hökuməti ona “Oryol? nişanını vermişdi. – Xeyr, ağa, vaqedə də mən sizə elə ərz eləmədim ki, siz məndən rəncidəxatir olasınız. Gərək siz özünüz mənim şərəfimi və namusumu müdafiə edəsiniz. Axı mən böyük bir məmləkətin valisi və başı hesab olunuram. Siz mənim adi bir təbrizli ilə qohum olmağıma gərək razı olmayasınız. Qoy mənim bacım Mahrunun ətəyini buraxsın, onun üçün haradan istəyirsən mən qız tapıb evləndirim. – Sizin səhviniz də orasındadır ki, Mahrunu özünüzə bacı hesab edirsiniz. Halbuki biz haman bacı-qardaşlığın tarixini çox gözəl bilirik. Sizin səadətiniz, sizin nüfuzunuzun korlanmaması onu öz evinizdən bir bacı kimi ərə verməyinizdədir, biləks, ona bacı deyərək gecələr yatağina hücum etməklə öz nüfuzunuzu düşürə bilərsiniz. Hərgah biz sizin namusunuzu müdafiə etmək istəməsəydik, lap günü sabah sizin o qıza rəva gördüyünüz alçaqlığı ifşa edər və sizin Təbrizdə qalmağınıza imkan verməzdik. Biz sizin namusunuzu müdafiə etmək istəməsəydik, İraidanın sizin evinizdən köçüb getdiyi zaman qoyduğu məktubu bütün Təbriz xalqına elan edərdik, çünki siz zavallı qıza evlənərək onu başqalarına da təqdim edirsiniz. Hazırda məktub bizim əlimizdə qalmırmı? Sərdar Rəşid öz qarşısında kimin oturduğunu dərhal hiss etdi, söhbət və şivəsini dəyişərək, məni aldatmağa başladı: – Biz həmişə sizə müxlis olmuşuq, siz o qızın sözlərinə baxmayin, o atabir, anabir bacımdır. Lakin onun əqli naqisdir. Naqis olmasaydı, rusun birisinə ərə getməzdi. Rus və ingilis konsulları salona girdi, ziyafət təntənəsi başlandığı üçün söhbətimiz yarımçıq qaldı. Çar konsulu beynəlxalq vəziyyətin tutqunluğunu hiss etdirməməyə çalışırdı. O, təzə valinin şərəfinə yaradılan bu ziyafətin çox təntənəli keçməsinə səy eləyirdi. Lakin ziyafət salonundakı hər bir şey vəziyyətin ağırlığını göstərirdi. Cənab Mirabovun diriforluğu altında çalınan simfonik orkestrin səsi də bir şadlığı yox, bir qorxunu tərənnüm edirdi. Konsulun saxta gülüşləri və cAidap operasından çalınan gurultulu parçalar da siyasi vəziyyətin kədərlərini dağıda bilmirdi. Qonaqların çöhrəsindəki baxışlar, valinin şərəfinə söylənən tostlar, təzə valinin alnındakı qırışıqlar belə bu təntənənin saxtalığını söyləyirdi. Çilçıraqlarda yanan lampaların şəfəqləri də bu şadlığı nişan vermirdi. Çar konsulunun daxili düşüncələrini sönük işıqlarda, skripkanın sızıldayan tellərində, diriforun əlindəki çubuqda, pianonun inildəməsində, neydə, fleytada, trubada, təbildə... onlara baxan gözlərdə və onları dinləyən qulaqlarda oxumaq mümkün idi. Bu təntənədən alınacaq nəşələr Təbrizi xaricdən təhdid edən hadisələrin qorxuları ilə əvəz olunurdu. Konsul piyaləsini doldurub, təzə valinin şərəfinə içirkən danışdığı cümlələrdə özünün daxili düşüncəsini izhar etdi: – Cənab vali! Məmləkətimiz qorxulu və mühüm günlər keçirməkdədir. Şahənşah ölkəsi xarici düşmənlər tərəfindən təhdid edilməkdədir. Osmanlı-alman dövlətləri İran azadlığını yıxmağa hazırlanır. Buna görə də «iranlı» adını daşıyan bütün namuslu adamlar şahənşah hökumətinin azadlığını və ölkəsinin istiqlaliyyətini müdafiə etmək üçün vahid bir cəbhəyə yığışmalıdır. İmperator hökuməti də İran istiqlaliyyətini müdafiə etmək üçün öz qonşuluq vəzifəsini və özünün müəyyən müqavilələrlə borclu olduğu vəzifələri yerinə yetirməyə çalışmaqdadır. İqtisadi və siyasi əlaqələrlə bir-birinə bağlı olan Rusiya və İran məmləkətləri tarixin mühüm və məsuliyyətli bir dövrünü keçirir. Bu iki dost məmləkət hazırda öz şərəf və əzəmətini müdafiə etmək və düşmənlərinə zərbə endirmək üçün aralıqda olan dostluq əlaqəsini bir daha sıxlaşdırmalıdırlar. Tehran hökuməti və şahənşah dövlətinin nazirləri lap öz vaxtında bunu nəzərə aldılar. Təzə valinin təyin edilməsi də bunu təsdiq edir. Mən bu ziyafətdə imperator hökumətinin bir nümayəndəsi sifəti ilə təzə valinin öz vəzifələrini ifa etməsi üçün əlimizdən gələn yardımı göstərməyə hazır olduğumuzu bir daha təkrar edirəm. Vali cənabları bu barədə şahənşah hökumətini əmin edə bilər. Hazırda mənim cənab valinin şərəfinə qaldırdığım bu piyalə səmimi dostluq piyaləsidir. Cənab vali, sizin şərəfinizə! Konsul piyaləsini içdi, biz də bir kərə piyalələri əlimizə götürüb yenə də süfrənin üstünə qoyduq. Təzə vali konsulun tostundan sonra öz piyaləsini doldurub qalxdı və yaltaqlığa məxsus ifadələrin ən rəzil cümləsini meydana atdı. Süfrə başından durdular. Hərə bir tərəfə çəkildi. Yenə də sərdar Rəşid məni qoltuqladı, konsul da bizə yanaşaraq bir neçə qədəm dolaşdı, sonra onu telefona çağırdılar. Sərdar Rəşid məni özündən razı salmağa və eyni zamanda mənim ağzımdan Rusiya əleyhinə olaraq bir söz tapmağa qəsd etdi. – Cənab ağa! – dedi. – Azərbaycan ki var, İranın ayrılmaz bir parçasıdır. Min şükür olsun ki, Hacı Səməd xan kimi xainlər iş başından rədd oldu. Məmləkətimiz yenə də öz əlimizə çatdı, indi biz öz məmləkətimizi öz istədiyimiz kimi idarə edə bilərik. İmperator hökuməti də bizə əlindən gəldiyi köməyi edər, gördüyünüz kimi cənab konsulun özü də bunu buyurdu. Söz öz yanımızda qalsın, ruslar da haman ruslar deyil, osmanlı-alman ittifaqı məsələsi aralığa çıxandan bəri onların da siyasəti dəyişibdir. Biz indi ruslarla yavaşyavaş açıq danışa bilərik, biz indi istiqlaliyyətimizi möhkəm etmək üçün öz sözümüzü deyə bilərik. Öz aramızdır, biz osmanlılarla da çox tez anlaşa bilərik, bir tərəfdən yaxın qonşu, bir tərəfdən də din qardaşlarımızdır, ətimizi yesələr, sümüklərimizi çölə atmazlar. Lakin bizə hələlik ruslarla ixtilaf çıxarmaq əl verməz. Yəqin ki, ağa da mültəfitdir, indilik xəmir belə su aparır, Tehranın də fikri budur. Zahirdə biz bitərəf qalmalıyıq. Qoy hələlik bunlar bir-birini döysün, amma məsələ başqa cürdür, biz təzə gələn qonaqlara, Rusiyaya bildirmədən kömək göstərməliyik. Mən bu barədə bütün tanışlara və namuslu iranlılara xəbər vermişəm, sizə də xəbər verirəm, camaatımızı hazırlamaq lazımdır. Onlar avamdır, siyasətçi deyildir, onları bir para rusofillər çox tez yoldan çıxarda bilər. Bizim xalqımızın başlıca nöqsanı özünün çox tez aldanmasından ibarətdir. Hər halda mən sizi özümünkü hesab edib öz qəlbimi deyirəm. Siz mənim dediyim sözləri bir diplomat sözü hesab etməyin, özünüz də bir az soyuqqanlı olun, əlbəttə, mən sizin bəzi səhvlərinizi əfv edəcəyəm, lakin axşam sizin mənə verdiyiniz cavablar bir ölkənin valisinə veriləcək cavab deyildir. İndi siz gərək mənə kömək edəsiniz. Mən Azərbaycanı hərc-mərclik və xarabalıq içərisində əlimə almışam. Öhdəmə götürdüyüm məsuliyyətləri dağların belinə qoysan əyilər, belə deyilmi? – Belədir! – dedim. – Həzrət əşrəfin vəzifəsi çox məsuliyyətli bir vəzifədir. Zamanın özü də məsuliyyətli bir zamandır. – İndi ki, cənab sərkar buna mültəfitdir, indi ki, ağa mənim nə qədər mühüm bir zamanda iş başına gəldiyimi təsdiq edir, o zaman mənim siyasətimi anlamalıdır, xalqı da o siyasətin həyata keçirilməsinə tərğib etməlidir. Əcəba dediklərimi cənab sərkar təsdiq etmirmi? Sərdar Rəşid çox uzun danışdı. İndisə o məndən cavab gözləyirdi. O məndən çar konsuluna xəbər vermək üçün əlverişli bir material arayırdı. Məncə, konsulu telefona çağırmaq məsələsi də vaxtikən düşünülmüş bir hiylə idi, bəlkə də, konsul onu mənimlə tək buraxmaqda belə bir məqsədi təqib edirmiş. Mən əlimdəki papirosa bir qullab vuraraq bir az düşündüm, sonra da sərdar Rəşidə müraciət edib dedim: – Şəxsən mənim başlıca bədbəxtliyim orasındadır ki, siyasi məsələləri həll edə bilmirəm. Yalnız mən deyiləm, İranda mövcud bütün tacirlərin mədəsi siyasi qidaları həzm etməkdən acizdir. Bəlkə də, bu bizim savadsızlığımız və xəbərsizliyimizin nəticəsidir. Çox təəssüf olsun ki, biz nə öz dostumuzu, nə də öz düşmənimizi tanımamışıq. Bizim üzümüzə hər kəs gülmüşsə, ona dost demişik, hər kəs ki, bizim şəxsi mənafeyimizə toxunmuşsa, onu düşmən hesab etmişik, çünki biz nə ümumi təhlükə barəsində düşünməyi bacarır, nə də ümumi mənafe uğrundakı işlərdə çalışa bilirik. Lakin cənab vali bizlərə bənzəməz, o bütün ömrünü siyasət içərisində keçirmişdir. Mən ona inanıram ki, cənab vali hazırda hadisələrlə hamilə olan gecələrin sabah nə kimi uşaq dünyaya atacağını bilir. Bununla bərabər cəsarət edib həzrət əşrəfə kiçik bir məsləhət verməyi də düşünürəm. Mənim zənnimcə, hazırda həzrət əşrəfin mənə verdiyi siyasi sirləri bizim kimi uzağı görə bilməyən və siyasi məsələləri həzm edə bilməyən adamlara vermək böyük bir səhvdir. Ola bilər ki, mən həzrət əşrəfin buyurduqlarını həyata keçirib ona kömək etmək istədiyim zaman, böyük bir səhv də buraxaram, bu səhvlə də ümumi işləri korlaya bilərəm. Mən həzrət əşrəfi əmin edirəm ki, onun mənə verdiyi bu sirləri heç bir kəs bilməyəcəkdir. Lakin hər kəs mənim kimi deyil, hər kəs həzrət əşrəfə mən qoyan hörməti qoya bilməz. Çox adamlar vardır ki, min tümən nəqd pula aldığı sirri bir qran nisyə pula sata bilər. Mənim də qorxum ondadır ki, həzrət əşrəfin sirləri o cürə adamların əlinə düşər, onlar isə üstünə beş-altısını da əlavə edib, cənab konsulun qulağına yetirər. Sərdar Rəşid məndən özünə lazım olan cavabları ala bilmədiyindən bir çox dəqiqələr gözümün içərisinə baxaraq: – Elədir! Bərəkallah! – dedi və əlindəki papirosuna dərin bir qulla» vurdu. Gecə saat üçdə qalanlar qumara və rəqsə məşğul oldu, mən və Nina vidalaşıb yola düşmək istədikdə sərdar Rəşid məni dayandırib dedi: – Sabah gecə cənab konsulun şərəfinə kiçik bir ziyafət verəcəyəm, rica edirəm siz də Nina xanımla bərabər təşrif gətirəsiniz. * * * Büllurinin məktubu Təhlükə yaxınlaşırdı. İranı osmanlı-alman ittifaqına sürükləmək üçün qurulan planlar həyat səhnəsinə keçməyə başlayırdı. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçil öz xain düşüncələrini həyata keçirməkdə idilər. Onlar İttəhadi-tərəqqi firqəsinin göstəriş lərinə görə Kərkük və Süleymaniyə sancaqlarında könüllü ordu təşkilinə başlamışdılar. Könüllü ordunun komandanı sabiq ərkan-hərb zabitlərindən Helmi bəy, ordunun siyasi rəhbəri və təşkilatçısı isə İbrahim Fovzidən ibarət idi. Əvvəla onu demək lazımdır ki, Kürdüstanda bu orduya daxil olanlar çox az idi, bir çox kürd ağaları bu macəraya qoşulmaq istəmirdilər. İttəhadi-tərəqqi firqəsinin özü də bu yığıntı dəstənin müvəffəqiyyətinə inanmırdı. Bu macəra ancaq rusların nəzərini İran cəbhəsinə cəlb etmək və Avstriya ordusunun geri çəkilişini dayandırmaq məqsədi ilə başlanmışdı. Biz Hacı Mirzağa Bülluriyə yazdığımız məktubun cavabını Savucbulaqdan aldıq. Hacı Mirzağa öz məktubunda bizim məktubumuza açıq və aydın cavab verməmişdi, ancaq o özünün uzun-uzadı məktubunda bizi gələcək müvəffəqiyyətləri ilə qorxudaraq yazırdı: eMöhtərəm Əbülhəsənbəyl Son məktubunuzu aldım. Məktubdan belə anlaşılır ki, Təbrizdəki yoldaşlar İranın azadlığı yolunda görülən tədbirdə bizim ilə əməkdaşlıq etmək istəmirlər. Lakin onu bilməlisiniz ki, siz olmasanız da bu tədbir həyata keçə biləcəkdir. Sizə gəldikdə, öz tədbirlərinizlə böyük fəaliyyətinizə bədbəxt bir yekun vurmağa çalışırsınız. Hazırda Təbrizə hücum edən ordu Məmmədəli şahın başıpozuq dəstələri deyil, Təbrizə hücum edən ordu, Muraz xan, Zərqamüssoltan, Hüseynəli xan, Rəhim xan və Böyük xanın quldur dəstələri deyil, müntəzəm osmanlı və alman ordusudur. Bu müharibə Səttar xan müharibəsi deyil ki, Təbriz mücahidləri və Qafqaz bombaçıları ilə başınızı saxlayasınız. Məktubunuza təfsilən cavab verə bilmədik, çünki ordu işləri ilə başımız məşğuldur. İnşallah bu barədə Təbrizdə təfsilən danışarıq». Bu məktubda Hacı Mirzağa bizi təhdid edirdi. «Təbrizdə təfsilən danışarıq) sözləri də bunu ifadə edir və bu yazısı ilə bizə Helmi bəyin Təbrizdə quracağı dar ağaclarını nişan vermək istəyirdi. Hacı Mirzağanın məktubu iclasda oxunduğu zaman əqidəcə möhkəm olmayan və inqilabdan ancaq öz xeyirlərini güdənlər iclasda axıra qədər oturmamaq üçün yüz cürə bəhanələr gətirib əkilmək istədilər. – Mən axıra kimi otura bilməyəcəyəm. Ağalara məlumdur ki, biz bu gecə qızın xeyir işini başlamışıq, köçürtmək istəyirik. – Məşədi Haşım can üstündədir. Qohumdur, gərək hazırlıq görək. – Dedim iclasa getmərəm, özgə cürə başa düşərlər, evdə qonaqları qoyub gəlmişəm. – Özümü çox pis hiss edirəm, ağayi Təbibül-məmalik buyurmuşdu ki, bir neçə günlüyə heç bir yerə getmə, lakin ağanın dəvətini yerə sala bilmədim. – Bu işlər dövlət işidir. Demokratların burada nə işi vardır? – Ağayi Vasminci çox düz buyurdular, qoy hökumət öz məmləkətinin qeydinə qalsın. Danışanlar danışır, yüz cür bəhanələrlə iclasdan qaçmağa tələsir, danışmayanlar isə zəli kimi qəlyanın qəmişindən tutub sorurdu. Bu adamlar sükut etmək və bəhanələrlə ancaq vahid bir məqsəd daşıyırdı, onlar osmanlı ordusu Təbrizə girdiyi zaman: “Biz iclasda iştirak etməmişik, biz sizə tərəfdar olmuşuq? deyə hazırlanırdılar. Hələlik heç bir kəsə iclasdan çıxıb getmək üçün icazə verilməmişdi. Bəhanə gətirənlərin bir ayağı qalxmaqda və getməyə hazırlanmaqda ikən: – Əyləşin, – dedim, – üzr və bəhanə gətirməyin vaxtı deyildir, hələlik sizin üçün heç bir qorxu yoxdur, mən sizə söz verirəm ki, başınızdan bir tük belə əskik olmayacaqdır. Bu sözdə həmişə zarafatla ciddi sözünü deməyə adət edən Bağmeşəli Mirzə Hüseyn: – Başımızdan bir tük əskik olmasa da, bədənimizdən başımız əskik olacaqdır, – dedikdə bu sözə bir çoxları güldü və bir çoxlarının da qorxudan rəngi ağardı. Mən də öz növbəmdə Mirzə Hüseynin cavabını verdim: – Başı bədəndə saxlamaq üçün kişidə tədbir və cəsarət lazımdır, – dedim və sözümə davam etdim: - Siz bilirsiniz ki, insanları təhlükədən qurtaran onun acizliyi, üzr və bəhanə gətirməsi deyil. Təhlükə hamıdan qabaq qorxaqlar və üzr-bəhanə gətirənlər üçündür. Biz bunu yeddi ildən bəri öz mübarizə həyatımızda bir neçə kərə təcrübədən keçirmişik. Buna görə də səlamət qalmağımız və təhlükəni rədd etməyimiz üçün başqa yollar götürməliyik. Siz mənə inanın, bir çox zaman mənə inanmışsınız, mən də sizin etimadınızı doğrultmuşam. Bu gün yenə də sizin etimadınızı doğrultmağı ümid edirəm. Burada bir çoxları dedi ki, «Bu məsələ hökumət məsələsidir. Qoy hökumət öz məmləkətini müdafiə etsinə. İndi mən sizə sual verirəm: hökumət hanı? Onun məmləkəti xarici təhlükədən müdafiə edə biləcək qüvvəti haradadır? Siz hökumət sərdar Rəşidəmi deyirsiniz? Hazırda o, bir tərəfdən çar hökumətinin əmrlərini yerinə yetirir, bir tərəfdən Tehran hökumətini aldadaraq özünün səmimi bir İran valisi olduğunu göstərir, o biri tərəfdən də osmanlı-alman dostluğunu meydana sürməklə öz gələcəyinin qeydinə qalır. Bizim, əlbəttə, osmanlılara və almanlara gücümüz çatmaz, bizim istədiyimiz bir şey varsa, o da Təbriz xalqını Mirzağa Büllurinin başında gələn lotu-potunun qarətindən qurtarmaqdan ibarətdir. Yenə də Mirzağa Hüseyn yerindən söz atdı: – Necə qurtara bilərik? Nəyimiz var? Bu sözdən sonra yenə də ətrafdan danışmağa, üzr, bəhanə gətirməyə başladılar. – Təbrizə gələn hökumət ordusudur. Onların xalqı qarət etməklə nə işləri vardır? – Ay hayıf sənə Səttar xan, indi nə sənin yerin görünür!.. Mən yenə onları sükuta dəvət edərək dedim: – İnqilab qəhrəmanı Səttar xan aramızda olmasa da, biz onun yolunu gedirik. O bizi həmişə mərd olmağa çağırmışdır. İndi heç bir həyəcana lüzum yoxdur. İclasdan qaçmaq istəyənlər yerlərində otursalar da, nə hə, nə də yox deməyə cəsarət etmirdilər, bunların çoxu da bir-birindən qorxurdu. Bir hissəsinə gəldikdə onlar da müdafiə qüvvəti düzəldilməsi işinə səs verə bilmirdilər, çünki müdafiə qüvvətinin məsarifində iştirak etmələrindən və özlərinin də xərc verəcəklərindən qorxurdular. Lakin mən bu son qorxunu onların üzərindən götürmək üçün: – Sizdən heç bir məsarif-filan da tələb olunmur, hamısını firqə öz öhdəsinə götürür, – dedikdə onlar özlərini düzəltdi və müdafiə tədbirlərində iştirak edəcəklərinə söz verdilər. Lakin qərar yazılıb, imza etməyə gələndə yenə də bir neçə nəfər üzr və bəhanə gətirməyə başladı. Nəhayət, mən: – İnqilab komitəsinin qərarlarına maneə törədənlər və müdafiə qüvvəsinin düzəlməsi işinə əngəl olanlar və bu sirri bir başqasına verənlərlə inqilab zamanında olduğu kimi rəftar ediləcək və hüququ müdafiə olunmayacaqdır, – dedikdə həmin qorxaqlar da əlləri tifrəyə-titrəyə qərarı imza etdilər. * * * Nabat xanım Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi. Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi. Nəhayət, sərdar Rəşid demokratların arasına yol tapmağa başladı. Onlardan bir neçəsini ələ alaraq bütün demokratların siyahısını ələ gətirməyə çalışırdı. Şeşgilanlı Rzabalanın son günlər iclasa vaxtında gəlməsi, axıra qədər oturub müzakirələrdə iştirak etməsi və demokratların kimlərdən ibarət olduğunu Tütünçüoğlundan və başqalarından öyrənməyə çalışması bizim şübhəmizə səbəb olmuşdu. Buna görə də onu nəzarət altına almışdıq. Biz bu xaini nəsihət və qorxutmaqla tutduğu yoldan qaytarmağı düşünürdük. Onu öldürtmək də yaramazdı, çünki o, təzəcə bizim dostumuz Nabat xanıma evlənmişdi. Nabat xanımı bədbəxt etmək istəmirdik. Lakin Rzabala bizim üçün ən qorxulu bir adam sayılırdı. Bu bizim bütün yoldaşlarımızın həbsə alınaraq Rusiyaya sürülməsinə səbəb olacaqdı. O məni də, Ninanı da məhv edəcəkdi, çünki Nabat xanım Məşədi Kazım ağanın baldızı qızı olduğu üçün, Rzabala da bir neçə dəfə Məşədi Kazım ağanın evinə gəlmiş, mənim və Ninanın həyatı ilə də tanış olmuşdu. Buna görə də o öz casusluğuna birinci olaraq məndən, Ninadan və Məşədi Kazım ağadan başlayacaqdı. Buna şübhə yox idi. Mən Rzabalanın düşmən qərargahına düşdüyünü Məşədi Kazım ağaya anlatdım, o, qorxusundan titrəməyə başladı. Mən bu sirri ona verməkdən peşman oldum, çünki onun özü də canının dərdindən bizi sata bilərdi. Bu fikirlə də mən onu sakit etməyi qərara aldım və: – Təlaşa və həyəcana lüzum yoxdur, hələlik Rzabala işə başlamamışdır, lakin biz hər ehtimala qarşı ehtiyatlı olmalıyıq, – dedim, – bu barədə dərin düşünmək lazımdır. Məşədi Kazım ağa çox düşündü, nəhayət: – Çağırıb pul verək bizdən əl çəksin, – dedi. – O özünün xəfiyyə olduğunu boynuna götürərmi? – Bəs necə olsun? "Nabat xanım vaxtı ilə qaraçı evində nicat verdiyimiz qızdır. – Siz Nabat xanımı mənim yanıma çağırmalısınız, – dedikdə o sevinərək: – Yaxşı yadıma saldın, Nabat xanım bu saat bizdədir, – dedi. – Gedib ona məndən salam yetir, mənim onu görmək istədiyimi xəbər ver. Məşədi Kazım ağa getdi, mən oturub düşünürdüm. Əvvəla, onun cəsarət edərək mənimlə görüşə gələcəyinə inanmırdım, çünki o öz ərindən qorxurdu. O, icazəsiz məscidə və hamama getdiyi üçün Rzabalanın onu cəzalandırdığını eşitmişdim. Bu barədə onun qardaşı Pərviz də mənə söyləmişdi. İkincisi də, məsələni ona nə cür izah edəcəyim haqqında düşünürdüm. Nabat xanım inqilaba qiymət verməyə də bilərdi. O, ehtimalıma görə, ərindən qorxaraq onun sözündən çıxmağa və onu satmağa cəsarət etməzdi. Buna görə də Nabat xanımı Rzabalanın əleyhinə istifadə edə bilməyəcəyimi düşünürdüm. Qapı açıldı, Nabat xanım başında çarşab içəri dirdi. Mən onun çarşabını götürəcəyinə heç də inanmırdım, lakin bu barədə səhv etdiyimi çox tez anladım. O, çarşabını götürüb divanın üstünə atdı. saçlarını sahmana saldı, sonra gəlib mənim əlimi sıxaraq oturdu. – Mən sizin icazəniz olmadan çarşabımı götürdüm, – dedi. – Bu barədə əfv ediniz. Mən öz qardaşımdan daha artıq sevdiyim və namusuna inandığım bir zatın yanında çarşablı oturmaqdan utanıram. Zatən bu çarşab bizim üçün çəkilməz bir yükdür, bilmirəm biz nə vaxt bu ağırlıqdan qurtaracağıq? Mən Nabat xanıma çox diqqətlə baxırdım. O mənim qaraçı evində Rəfizadə və Mahmud xanın pəncəsindən qurtardığım Nabat xanım idi. Lakin tamamilə dəyişmişdi. Əvvəla, mən onu Hüsni xanımın (Şümşad xanımın) evindən qurtardığım zaman o bir təbrizli qadını qiyafəsində idi, hazırda o tam mənası ilə avropalı bir qadın idi. Onun saçları da qaraçı evindən qurtardığı gecədəki kimi pərişan və pozğun deyildi. O, saçlarını dalısında toplamış və üstünə parlaq daşlı bir daraq taxmışdı. İkimiz də düşünürdük. Mən məsələni nə cür izah edəcəyim haqqında, o da birinci kərə bu evə necə düşdüyünü xəyalına gətirir və düşünürdü. Nəhayət, mən sükutu pozaraq danışdım: – Mən hər sözdən qabaq Nabat xanımın xeyir işini təbrik edirəm, – dedim. Bu sözdən sonra Nabat xanımın yanaqlarında bir qırmızılıq hiss etdim. Utanan kimi oldu və başına hərəkət verərək: – Təşəkkür edirəm! - dedi. – Lakin qardaşa deməliyəm ki, xeyir işimizdə təbrik ediləcək bir şey yoxdur, siz mənim həyat tariximdəki bədbəxtliyi tamamilə bilirsiniz. Əvvəlcə məni bir dəliyə namizəd edirdilər, bu namizədliyin pərdəsi altında nə kimi xəyanət yatdığını bilirdiniz. Bu bədbəxtlikdən qurtarmaq üçün qaraçı evlərinə fal açdırmağa qədər getdim, nəhayət, başıma olmazın fəlakətlər gəldi. Siz mənə nicat verdiniz, məni namussuz əmimin də əlindən qurtaran siz oldunuz. Bunu mənə qardaşım Pərviz tamamilə danışmışdır. Axırda hazırkı ərim mənə elçi göndərdiyi zaman ailəmiz razı deyildi, mən özüm razı oldum - əqidəli bir adamdır, demokratdır, yaxşı bir ailə düzəldərik, – dedim, lakin yenə də yanıldım. Mən təəccüblü bir halda soruşdum: – Nə üçün? – Onu sizə tanıtmaq üçün uzun saatlar danışmaq lazımdır. – Hərgah getməyə tələsmirsiniz danışın, dərdinizi deyin, bəlkə də, sizə bir çarə tapa bilərəm. – Yox, tələsmirəm, o Təbrizdə deyil, iki günlüyə Kavkan şəhərinə gedibdir. – Ora nə üçün gedib? – Orada tələbləri vardır. Borclularından birisi ölübdür, pullarını almağa gedibdir. – Çox gözəl, indi özünüzü sərbəst hiss edə bilərsiniz. Həyatınızdan danışın görüm. Nabat xanım bir ah çəkdi, onunla da içərisindəki çəkilməz dərdlərin ağırlığını bildirərək sözə başladı: – Onun məndən başqa da bir arvadı vardır, lakin o qadın nə isə böyük bir dərdə tutulmuşdur. Onun başının ətləri şişib üzünü tutmuşdur. Bumu o qədər böyümüşdür ki, üzünün görünməsinə mane olur, çox qorxulu sifəti vardır, buna görə də ailə içərisində belə üzünə pərdə salır, insana görünmək istəmir. Bundan başqa bir də anası vardır. Yemək, içmək hamısı bir yerdədir. Hər gün haman xəstə və yaralı qadınla üz-üzə oturub bir yerdə yeməlisən, evdə ananın və böyük qadının icazəsi olmadan bir şeyə əl vurmağa qadir deyilsən. Yemək, içmək, oturub-durmaq haman yaralı qadının və qoca anasının icazəsindən asılıdır. Bir şahı pul lazım olursa, ya onun anasından, yainki evin böyüyü sayılan birinci qadından istəməlisən. – Əcəba, həmin yaralı qadın nədən ötrü evdə saxlanmışdır? – Çünki Rzabalanın dövləti haman qadınındır. Onu boşadıqda bütün var-dövlətdən əli çıxır. Qadının tayfası da böyükdür, Hacı Mir Manaf Sərrafın ailəsinə mənsubdur. Nə dövlətdən, nə də tayfadan əl çəkə bilmir. Qəribə orasındadır ki, hər cümə axşamı haman yaralı qadının yanında gecələməlidir. Buna görə də mən onun özündən də iyrənirəm. Belə görürəm ki, onun özü də xəstədir, əlindən nə cürə qurtaracağımı bilmirəm. – Barı özü xəsis deyil ki? – Xəsisliyi dövləti qədər böyükdür. Övladı yoxdur, böyük xərci yoxdur, kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyduğunu gördüm. Evləri, kəndi, torpağı, ticarəti də ki, sizə məlumdur. Lakin evindəkilər bir qarın ac, bir qarın tox yaşamağa məcburdur. Gündə dörd nəfər üçün yarım ponzaf ət alır. – Əcəba, bunu dörd adam üçün nə cür təqsim edirlər?l – Bu ət dörd adam üçün deyildir. Ancaq onun özü üçündür. Əvvəlcə həmin əti yaralı və xəstə qadın yeyir, ətin yağı çıxdığı zaman ondan bir qaşıq götürüb ocağın yanında basdırılmış küpəyə tökməlidir. Bu qış üçün yağ tədarüküdür. Sonra həmin ətin suyundan qatıq aşı bişirib onun hücrəsinə göndərirlər, ətini də axşam düyü üstünə qoyub plov edirlər. Rzabalanın otağına verirlər, ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşür. Yemək öz yerində dursun, bunsuz da yaşamaq mümkündür. Lakin özləri yaşamağa layiq adamlar deyillər, başıma nə çarə edəcəyimi bilmirəm. Təbrizin adətini də bilirsiniz: ər evindən qaçmaq və tez-tez boşanmaq da namussuzluq hesab olunur. Üstümdə gördüyünüz bu paltarlar və qiymətli daşların hamısını bir tərəfə gedəndə onun anasından təhvil götürməli və yenə də evə qayıdanda sayıb ona təhvil verməliyəm. Mənim heç bir şeyim yoxdur və heç bir ixtiyarın sahibi də deyiləm. Çox heyif olsun ki, Rzabala kimi adamlar da demokratdır, xalqa azadlıq vermək istəyən bu 1Yarım ponza – 30 qram miqdarındadır. adamın öz evində əsir və kölələr yaşayır. Mən çox təəssüf edirəm ki, o cürə adamlar, sizin kimi vicdanlı və namuslu adamlarla yoldaşlıq edir. Onların hamısı hiylədir, öz dərisini qorumaq, öz dövlətini artırmaq üçündür, buna siz inanın! Nabat xanım daha danışmadı, onun dərdləri coşmuşdu və söhbətinə mane olurdu. Bir az da danışsaydı, şübhəsiz ki, ağlayacaqdı. Məsələni ona izah etmək lazım idi, o öz söhbətləri ilə də buna zəminə hazırlamışdı. – Mən sizin ərinizi çox yaxşı tanıyıram, – dedim, – sizi bunun üçün də yanıma çağırmışam. Bizim cərgələrimizdə elələri də az deyil, buna görə də bizim işlərimiz irəli getmir. İndi mətləbə keçək. Sizin əriniz öz dediyiniz kimi yalançıdır, lakin o bu yalançılıqla da kifayətlənmir. O, demokratları satmağa hazırlanır, o öz xalqına xəyanət etmək istəyir, buna görə də sizi yanıma çağırmışam, bilmirəm bu barədə bizə kömək edə biləcəksinizmi? Nabat xanımın rəngi dəyişdi, onun üzündə şadlıq nişanələri göründü. – Mən çoxdan bəri sizin yaxşılıqlarınıza qarşı xidmət etmək istəyirdim. Vicdanım məni rahat buraxmırdı, lakin bir vasitə ələ düşmürdü, indi isə bunu sizin özünüz təklif edirsiniz. Buyurun görüm mən sizə bu barədə nə kimi xidmət etməliyəm? – Hələlik siz onun dəftərlərini, yazılarını, məktublarını yoxlamaq üçün bizə imkan yaratmalısınız. – Mən hazıram, lakin bu imkanı nə cürə yaradacağımı bilmirəm. – Siz bu gecənin özündə qapıları açıb bizimkiləri onun xüsusi otağına buraxmalısınız. Qorxmayın, sizin qardaşınız Pərviz də orada olacaqdır. Yalnız onun yazıları yoxlanacaqdır. Heç bir şey yerindən dəbərilməyəcəkdir. Biz ancaq onu öyrənəcəyik. Sizin birinci xidmətiniz bundan ibarət olmalıdır. Bunu bacara bilərsinizmi? – Bacara bilərəm. Onun sandığının açarları qoyulan yeri də sizə göstərə bilərəm. – Evdə nökər-filan vardırmı? – Heç kəs yoxdur, axşam saat yeddidə qapı bağlanır, böyük qadınla anası bir otaqda, mənsə başqa bir otaqda yatıram, onun özünün otağı da bu iki otağın arasındadır. Axşamları evinizə qonaqlar gəlirmi? – Xeyr! Evimizi bir adam tanımaz. O, qonağı sevməz, çünki qonağa bir stəkan çay vermək lazımdır... – Deyin görüm bizimkilər nə vaxt gəlsin? – Gecə saat on birdə hamı yatmış olur, mən küçə qapısını açıb gələnləri gözlərəm. Siz özünüzdəmi gələcəksiniz? – Xeyr, gələnlər Pərviz, Tütünçüoğlu və Həsənağa olacaqdır. Qorxmayın, evinizdən bir tük belə əskik olmayacaqdır. Danışdıq, razılaşdıq və eyni zamanda onu Rzabalanın əlindən qurtarmağa da söz verdim. O, əlimi bərk-bərk sıxaraq ayrıldı. * * * Rzabalanın küçə dəhlizi olduqca qaranlıq idi. Qabaqca Pərviz, sonra da Tütünçüoğlu və Həsənağa daxil oldu. Həyət də o qədər işıqlı deyildi, çünki əvvəla otaqlardakı lampalar söndürülmüşdü, ikincisi də, İran həyətlərində fənər yandırılması adət deyildi. Xiyabanın başında bir qaraltı görünürdü. Pərviz qaraltıya çox diqqətlə baxdıqdan sonra onun Nabat xanım olduğunu və onları gözlədiyini anladı. Yavaşdan səslədi: – Nabat sənsənmi? Qaraltıdan səs gəldi: – Mənəm, Pərviz! İrəli gəlin! Nabat xanım qabaqda, Pərviz ilə yoldaşları isə onun dalınca gedirdi. Nabat xanım gecə paltarına bürünmüşdü. Gecədən daha qara olan saçları bir hörükdə dalına tökülmüşdü, ayağında nazik və səssiz bir keçə başmağı vardı. Onun bədəninin hərəkəti və yavaşdan danişarkən səsinin titrəməsi özünün uzun zaman durub gözlədiyini və dekabr soyuqlarından üşüdüyünü göstərirdi. Nabat ev dəhlizinə girib oradan kiçik bir otağa keçdi, otaq kiçik bir lampa ilə işıqlanmışdı. Nabat xanım işıqlı otağa girən kimi vaxtikən hazırladığı bir şalı götürüb başına saldı və otaqdakılara muraciətlə: – Bağışlayasınız, gecə paltarındayam, – dedikdə Pərviz: – Burada yad adam yoxdur, - dedi, – gərək ki, bunları tanıyırsan, öz yoldaşlarımızdır. Nabat xanım əvvəlcə Rzabalanın anası və birinci arvadı yatan otağın qapısını daldan bağladı və sonra Pərvizə müraciətlə: – Gəlin dalımca! – dedi və salondan sola tərəf açılan qapıdan içəri girdi. Nabat xanım Rzabalanın otağının pəncərələrini qapamışdı, içəridə hər nə baş verirsə versin, eşikdəkilərin xəbəri olmayacaqdı. O, böyük lampaları yandırıb otağı işıqlandırdı. Əvvəlcə yazı stolunun üstündəki kağızlar yoxlandı, xBəlvayi-Təbrizə adlı balaca kitabçanın içərisindən 9-cu ildə əks-inqilabçı təşkilat sayılan dİslamiyyəə təşkilatına yazılmış iki məktubun qarası çıxdı. Birinci məktub: «Cənab Şücai-Nizam Şükrulla xan! Səttar xan və Bağır xanın müdafiə tədbirləri bundan ibarətdir: Quruçay və Xiyabandan tutub Acıçayına, Bağmeşə tərəfindən Şeşgilan sərhədinə, Bağmeşə dərvazasından Mirzə Cavad müctəhid küçəsinə və buradan keçib Sahibüləmr meydanı, Dəvəçi qapısı və Saman meydanına qədər bütün bəndərlər və keçidlərdə səngərlər düzəldib toplar yerləşdirilibdir. Bu tərəflərdə camaatı səfərbər edib iki yüzə qədər səngər qayırmışlar. Səngərlərin hər birisində iyirmi nəfərdən artıq gözətçi yoxdur. Bunlar növbə ilə dəyişilirlər. Seyid İbrahim məqbərəsi və Əli Eyrançı Dərbəndi tərəfləri boşdur. Bu tərəflərdən hücum edib Əncüməni işğal etmək mümkündür. Ləklər küçəsi tərəflərində də istehkamlar yoxdur. Hər halda Əmirxizi işğal etmək və Səttar xanın mərkəzini dağıtmaq ancaq bu tərəflərdən mümkündür. Sizin müxlis bəndəniz Azaöala Şənbə, cəmadiyələvvəlin 26-ında». Bu məktub göstərirdi ki, Rzabala indi deyil, hətta 7-ci illərdən başlayaraq Təbriz inqilabçılarının sirlərini hökumət ordusuna verirmiş. Bu məktublar nəticəsində biz hökumət ordusunun istehkam olmayan tərəflərdən hücum edib inqilab mərkəzinə soxulduqlarını xatırlayırdıq. Bu məktubun surətini Pərviz çox sürətlə köçürüb ikinci məktubu oxumağa başladı. İkinci məktub Rzabala tərəfindən sərdar Nüsrət Rəhim xana yazılan məktubun qarası idi. €Cənab sərdar Nüsrət! Xudavəndi-aləm özü şahiddir ki, bəndə və mənim ailəm, sizin Təbrizə nicat vermək üçün gələn gününüzü bayram etdik. Çox təəssüf edirəm ki, silah götürüb özümü sizin qədəmlərinizdə qurban etmək səadətindən məhrum olmuşam. Malım, dövlətim, ailəm, bədbəxtanə inqilab məhəlləsində əşrarın içindədir. Bunlar tüccarın var-yoxunu alıb mücahidlərə verirlər. Tez-tez vergi verməmək üçün gedib demokratların dəstəsinə qoşulmuşam, bir təhərlə başımı dolandırıram. Mənim kimi yüzləri vardır. İnqilab qanunları, inqilabın əleyhinə gedənlərin bilatəxir edam edilməsinə əmr edirlər, buna görə də səsimizi çıxarmaq mümkün deyil. Sizin ayağınızın torpağına qurban olum, bizi bağışlayın! Məktu» gətirən qadınla cənab sərdar Nüsrət üçün iki şüşə də əla şərab göndərdim. Həzrət əşrəfin yenə də nə əmri olsa hazıram. Rzabalaə. Hamısından sonra bu məktubların cavabını axtarmaq lazım idi, buna görə də yazı stolunun üstündəki kitabları diqqətlə varaqlamağa başladılar. Axtarışda Nabat xanımın özü də iştirak edirdi. Yazı stolunun qutusundan birinci arvad və ikinci arvadın kəbin kağızları çıxdı. Nabat xanım kəbin kağızını gördükdə: – Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. O məlun kəbin verməmək üçün bu kağızı bizdən oğurlatdırmışdır, – dedi və yenə də kəbin kağızını yerinə qoydu. Yeşiklərdən əldə edilən vəsiqələrdən Rzabalanın Məmmədəli şah Təbrizdə vəlihəd olduğu zamanlardan bəri casusluq etdiyi meydana çıxdı. Rzabala 12-ci illərin əvvəllərində Müxbirissəltənə Təbrizdə olduğu zamanda da xalqın əleyhinə materiallar verirmiş. Nədənsə Rzabaladan tapılan vəsiqələr içərisində onun Səməd xan ilə olan əlaqəsinə dair heç bir vəsiqə tapılmadı. O nə Səməd xan, nə də çar konsulxanası ilə əlaqədə olmamışdı. Belə görünür ki, Rzabala inqilab əleyhinə çalışmağa öz məmləkəti üçün qiymətli bir xidmət hesab edirmiş. Buna görə də rusofil Hacı Səməd xanı sevməmiş və onunla əlaqə saxlamamışdı. Onun sandıqlarını açmaq lazım gəlirdi. Nabat xanım qalxıb yazı stolunun sağdan birinci qutusunu çıxarıb yerə qoydu və əlini uzadıb stolun böyründən iki açar çıxartdı. Qabaqca sandıqlardakı vəsiqələr yoxlandı, kiçik bir qovluqda onun mühüm vəsiqələri yerləşmişdi. Onun vəsiqələri içərisində Rəhim xan və Eynəddövlədən aldığı himayə vərəqələri vardı. €Cənab Rzabala Şeşgilani çox müsəlman və inanılmış adamdır. Dövlət və millətin xeyirxahıdır, məşrutəçilərin əleyhinə olduğu üçün bizim himayəmizdədir. Qoşun rəislərinə tapşırılır ki, cənab ağaya heç bir vəchlə zəhmət verməsinlər. Sərdar Nüsrət Rəhim xanə. Rzabalanın Eynüddövləyə yazdığı məktubunda bütün mücahid rəhbərlərinin və məşrutə yolunda çalışanların siyahısını yazıb göndərdiyi məlum oldu. Onun sandığından belə bir siyahı çıxdı: «Cənab şahzadə! Məşrutə yolunda malından, canından keçənlər bu adamlardan ibarətdir. Məhəllə səngərlərində oturan mücahidlərin sərkərdələri həmin məktubla sizə göndərdiyim bidinlərdir: Xiyaban, Bağmeşə, Maralan səngərlərində Ağa Mir Haşım və onun oğlu Ağa Mir Məhəmməddir. Nayib Tağı (Bala Tağı), Nayib Cəlil, Kərbəlayı Seyid Hüseyn, Çavuş ağa Həsən (məşhur dəli), Maralanlı Nayib Hüseyn xan, Kəblə Həmzə Fərraşbaşı, Hacı Hüseyn Əllaf, Nayib Məmməd (əhəng bişirən), Məmməd ağa Nəccar, Məmmədəli Soltan və Cəfər xan Qarabığlar, Ağa Mir Həsən Mirabdullaoğlu, Mir Kərim ağa, Hacı ağa, Ağa Hüseyn (üç qardaşlar), Ağa Əli Qarabağlı, Ağa Seyid Hüseyn Acudanbaşı, Hüseyn Bağban. Səttar xanın ərkani-hərbini təşkil edənlər isə bunlardan ibarətdir: Əli Müsyö. Fərəc ağa. Abdulla Qafqazlı. 4, Hacağa (Əli Müsyönün oğlu). Məşədi Mir Tağı. Mirzə Ələkbər Naxçıvanlı. Mahmud Əminiltüccar və sairə. Cənab şahzadəyə öz bəndəçilik ərzimi təqdim edib deyirəm ki, başqalarının da nə vəzifədə olduqları haqqında məlumat verəcəyəm. Bəndəniz Rza)ə. Qovluğun içərisində sərdar Rəşid tərəfindən yazılmış təzə bir məktub vardı. eCənab Rzabalal Dövlətə və hökumətə dair vəsiqələrin içərisində və dövlətə xeyirxah olanların siyahısında cənabınızın ismi-şərifi vardır. 7-ci ildən başlamış 11-ci ilin sonlarına qədər dövlət və millətə müəyyən və dəyərli xidmətləriniz olmuşdur. Cənab sərkarın 3 ildən bəri olan fəaliyyətsizliyinin səbəbini bildiyimiz üçün bu barədə danışmağı artıq hesab edirik. Lakin bu gündən etibarən məmləkət həqiqi bir İran dostunun əlinə tapşırıldığından, sizin də öz vəzifənizə başlamağınız və təşriki-məsai etməyiniz lazımdır. Cənab sərkarın boş vaxtı olsaydı, şifahən danışıb, vəzifəsini təyin edərdik. Düagü sərdar Rəşidə. Rzabalanın sərdar Rəşidlə görüşüb-görüşmədiyini yoxlamaq üçün onun fotoşəkillərindən birisini götürdülər, onu Mahrunun vasitəsilə yoxlamaq lazım gəlirdi. Qovluğun içərisindən çıxan uzun bir məktub isə onun son xəyanətlərini göstərirdi. Məktub yarımçıq idi, qurtarıb imza edilməmişdi. «Həzrət əşrəf sərdar Rəşidin, başımızın sahibinin, millət və məmləkətimizin fəxrinə səbəb əlan cənabın hüzurunall Mənim atam və babam bütün həyatlarını İran hökumətinin və onun başında duran şahənşahın xidmətlərini yerinə yetirməklə keçiribdir. Dövlət və hökumət bizim ailəmizdən xidmət və sədaqətdən başqa heç bir şey görməmişdir. Son illərin iğtişaşı və əşrarın hökumət əleyhinə baş qaldırdığı zamanlarda da bəndə öz xidmətimi əsirgəməmiş və qorxulu «əzaları nəzərə almamışam, fəaliyyətimi dayandırmamışam. Bu barədə əlimdə dəyərli vəsiqələrim də vardır. Mənim Hacı Səməd xan dövründə olan sükutuma səbəb yenə də millət və dövlətə olan məhəbbətimdir. Hazırda həzrət əşrəfin iş başına gəlməsi, Azərbaycanın sadiq bir İran oğluna tapşırılması yenə də mənim ruhumun ucalmasına səbəb oldu. Bunun üçün həzrət əşrəfin buyurduqlarına əsasən imkan qədərində bəzi kiçik xidmətlərdə olmaq istəyirəm. Həzrət əşrəfin hüzuruna bunu da ərz etmək istəyirəm ki, bəndə demokrat firqəsinə öz riza və rəğbətimlə daxil olmamışam, mən bir çoxları ilə bərabər Məmmədəli şah Təbrizdə vəliəhd olduğu zaman onun göstərişi ilə daxil olmuşam. Hazırda vəziyyət yenə də ağırdır. 11-ci ildə Təbriz nəzmiyyəsi pərdəsi altında düzələn inqilabçı dəstə Əmir Heşmətlə bərabər çəkilib getdikdən sonra onun yerinə başqa bir dəstə düzəlmişdir. Bu dəstə gizlində çalışır, bütün şəbnamələri (intibahnamələri) buraxanlar da həmin bu dəstədir. Onların başçılarından birisi Əbülhəsənbəy adında bir qafqazlıdır. İran başbileti alıbdır. Hər kəs də onu bir iranlı kimi tanıyır. Yanında bir rus qızı da vardır ki, konsulxanada çalışır. Oradan gizlin vəsiqələrin surətini çıxarıb haman adama gətirir. Bu adam Səttar xan dövründən bəri Təbrizi alt-üst edibdir. Bunları nə Hacı Səməd xan, nə də konsulxana tuta bilmir. Əllərində çoxlu silahlar və pullar da vardır. İnşallah, həyat baqi olursa, yaxın günlərdə bütün demokratların siyahısını, olan yerlərini və onların silahlı qüvvələrini öyrənib həzrət əşrəfin nəzər-diqqətlərinə yetirərəm...) Məktub bitməmişdi, demokratların siyahısı da tutulmamışdı. Yəqin ki, bu təxirə onun Kavkan şəhərinə öz tələblərini yığmaq üçün getməsi səbəb olmuşdu. ki Rzabala Kavkan şəhərindən qayıtmazdan əvvəl biz Nabat xanımla bir daha görüşməli və Rzabalanın məsələsini həll etməli idik. O, Təbrizə gələndən sonra bütün sirləri sərdar Rəşidə verəcək və bununla da bizi məhv etmiş olacaqdı. Rzabalanın məsələsini demokratların iclasında qoyduq. Bu iclasa ancaq müəyyən adamları dəvət etmişdik. Mən Səttar xanın sözünü heç bir zaman unutmamışdım: o, bir çox mühüm məsələləri iclasda qoymaq istəməzdi. O deyərdi ki, bizim ətrafımızda demokrat donuna girmiş xainlər az deyil, ehtiyatı əldən vermək yaramaz! Rzabalanı məhv etdirmək məsələsinə gəldikdə onu Nabat xanımla razılaşdırmalı idik. Bunun üçün də onu öz yanıma çağırmışdım. Lakin bundan qabaq bir şeyi öyrənmək lazım idi, çünki Rzabalanın sərdar Rəşidlə görüşüb-görüşməməsi bəlli deyildi. Hərgah o, sərdar Rəşidlə görüşüb və bizim siyahımızı ona vermişsə, o zaman biz başqa tədbirlər görməli idik. Hərgah siyahını verməmişsə, Rzabalanın özünün məhvi üçün tədbir lazım idi. Bu məsələni təhqiq etmək üçün səhər tezdən Mahru xanımı çağırmışdim. Mahru xanım çox tez gəldi, öz dediyinə görə tez də getmək istəyirdi. Mahru əlimi sıxaraq yerində oturan kimi: – Sizə təzə xəbərlər gətirmişəm, – dedi. – Nə kimi xəbərlər? – Qardaşım konsulxanadakı ziyafətdən qayıtdıqdan sonra sizin barənizdə fikrini tamamilə dəyişmişdir. – İndi onun fikri müsbətdirmi, mənfidirmi?1 Bu sözdən Mahru gülərək: – Mənfi bir təbiətə malik olan o kimi alçaqdan müsbət fikir doğa bilərmi? – dedi. – O, birinci növbədə sizə azad gedib-gəlməyimə icazə vermişdir. O deyir ki: cƏsəd ilə olan əlaqəni də müəyyən vaxta qədər davam etdirməlisən. Ancaq Əbülhəsənbəyin evinə gedib-gələnləri öyrənib mənə xəbər verməlisən. Hərgah dediklərimi yerinə yetirmiş olsan, münasib vaxt əldə edilən kimi səninlə Əsədin xeyir işinizə sərəncam verəcəyəmə. Buna görə də ayıq və ehtiyatlı olmalısınız, çünki sərdar Rəşid sizin üçün çox qorxulu düşməndir, o sizi məhv etmək üçün bir bəhanə axtarır. – Sizdən çox razıyam, Mahru xanım! – Siz məni Mahru xanım çağırmayın, mən sizə ən məsuliyyətli sirlərlə bağlıyam. Bu əlaqəni yenə də bir əqidə yoldaşı kimi davam etdirəcəyəm. Mənə hər iş tapşıra bilərsiniz, inqilabın və xalqın qələbəsi yolunda mən hər bir işi ifa edə bilərəm. Sizin məqsədinizin qələbəsini özüm üçün böyük bir səadət hesab edirəm, çünki sizin nə üçün və kimlər üçün işlədiyinizi bilirəm. Mən bunu 11-ci ildə də bilirdim. Mən o zaman sizə inandığım üçün də səhv etməmişəm, mənim Əsədə bağlandığım da onun bu xalqa bağlı olması və doğru bir yolda işləməsinə görədir. – Getdiyiniz yol çox doğru yoldur. İran tarixində yalnız bu yol ilə gedənlərin adı həmişəlik qalacaqdır. Yalnız bu yolu davam etdirməklə zülmün kökünü kəsmək mümkündür, Mahru xanım, sizin və sizin kimilərin bugünkü zəhmətləri bir zaman çox qiymətli məhsul verəcəkdir. Bir gün bu zəhmətin nəticəsində tək-tək adamlar milyonların müqəddəratını həll edə bilməyəcəkdir. Xalqın ixtiyarı padşahların əlindən alınacaqdır. Bir gün gələcəkdir ki, tacı başında saxlamaq üçün milyonları qırdıran padşahları xalqın məhkəməsinə sürüyəcəklər, məmləkətimizi xalqın özü idarə edəcəkdir. O zaman milyonlarla Mahrular sərdar Rəşidlərin və başqalarının pəncəsindən azad olacaqdır. Mahru xanım, bunların hamısını istəyirsinizmi? – İstəyirəm! – İndi ki, istəyirsiniz, bizimlə həmişə əlaqə saxlamalı, sərdar Rəşidin bütün hərəkətlərini təqib etməlisiniz. – Mən daim onu təqib edirəm, onun sizə lazım olan bütün yazılarının üzünü çıxarıram. – Sizin bizə lazım olmadığını zənn etdiyiniz bir çox yazılar ola bilər ki, birinci növbədə bizə lazım olar. Onun ən adi bir işdən ötrü yanına çağırdığı adamların da adını öyrənmək və nə üçün çağırıldığını bilmək üçün çalışmalısınız. Siz onun yazı otağına girməyə müvəffəq olmalısınız, özünüzü ona elə tanıtdırmalısınız ki, onun yazdığı şeyləri götürüb oxuduğunuz zaman o heç bir zaman sizdən şübhələnməsin. – O mənim üçün çətin deyil. Mən onun yazı otağına hər zaman girə bilərəm, özü olanda da, olmayanda da bu mümkündür, çünki o məni daima öz yanında görmək istəyir. O mənsiz çay içməz, mənsiz yemək yeməz, o mənim əsirimdir. Mahru ilə uzun-uzadı danışmaq və ona lazımi göstərişlər vermək mümkün olmadı, çünki həm onun özü getməyə tələsirdi, həm də mən Nabat xanımı gözləyirdim. Buna görə Rzabalanın şəkli haqqında ondan məlumat almaq istədim. Mahru xanımla söhbətimiz bitdikdən sonra, o yenə də oturub üzümə baxırdı. O, tərəddüdlü adama bənzəyirdi, sanki onun demək istədiyi daha mühüm sözləri var idi. Mən onun xasiyyətini bilirdim, o lazımi sözlərini çox tərəddüdlə söylərdi. Ona sual verdim: – Mahru bacı, deyəsən, yenə də deməli sözünüz vardır? – Vardır, əziz qardaşım! – dedi. – Bu xəbəri sizə vermək üçün özümdə cəsarət görmürəm, vicdanım əziyyət çəkir. – Nəhayət, siz o xəbəri mənə verməyinizi lazım görürsünüzmü? – Onu sizə xəbər verməmək mümükün deyil, çünki o sizin də həyatınıza sui-qəsd hazırlayır. – Nə üçün? Mənim inqilabçı olduğumu bildiyi üçünmü? – Xeyr. Onun sizin inqilabçı olduğunuzdan xəbəri yoxdur. – Onda bəs məni nə kimi bir təqsirin səbəbinə məhv etmək istəyir? – Sərdar Rəşid İraidanın birdən-birə çıxıb getməsinin səbəbini sizdə görür. Son günlər o, rus konsulxanasından İraidanın ünvanını tapdırıb həmin ünvanla İraidanın anasına məktub göndərmişdir. Məktubun cavabı gəlmişdir, cavabda yazılır ki, İraida Təbrizdədir. Bu məktubdan sonra onun sizə olan münasibəti dəyişmişdir. Buna görədir ki, sizi təqib etmək işini mənə tapşırmışdır. Mən sizə yalvara-yalvara tapşırıram, ehtiyatlı olun. O, Nina haqqında da xain fikirlər bəsləyir. O sizi məhv etdirdikdən sonra Ninanı da evinə gətirmək arzusundadır. Siz onu konsulxanada verilən ziyafətdə təhqır etmişsiniz. Siz onu bir vali kimi saya salmamışsınız, onunla bir rəiyyət kimi danışmışsınız. Hətta mənim kim olduğum haqqında da ona söyləmişsiniz. Belə deyilmi? – Belədir, Mahru bacı! – O, konsulxanadan qayıdan kimi məni yanına çağırdı, bu sirri sizə verdiyim üçün mənə acıqlandı. Mən isə bəhanə gətirdim və bu sirrin vaxtı ilə İraida tərəfindən sizə verildiyini deyib onu inandırdım. O, cavabında dedi ki, artıq İraida yoxdur, bu sirri bilən Əbülhəsənbəyi məhv edib Ninasını da bu evə gətirərəm. – Qoy nə bacarırsa etsin. Ehtiyatlı olmaq bizim üçün daim lazımdır. Sizin və başqa yoldaşların köməyi olursa, biz onları çox asanlıqla məğlub edərik, indi isə sizdən bir şeyi öyrənmək istəyirəm. Bu şəklin sahibi sərdar Rəşidin yanına gəlib-gedirmi? Bunu deyərərk Rzabalanın şəklini çıxarıb ona verdim. Mahru uzun dəqiqələr şəklə baxdıqdan sonra mənə qaytarıb: – Xeyr! – dedi, – Bu cürə adam bizim qapımızdan içəri girməmişdir. – Bəs necə olubdur ki, sərdar Rəşidin bu adama yazdığı uzun bir məktubdan xəbəriniz olmamışdır? Halbuki bu məktubda yazılanların həyata keçməsi bizim məhvimiz deməkdir. Bu sözlərdən sonra sərdar Rəşidin Rzabalaya yazdığı məktubun surətini çıxarıb Mahruya göstərdim, o, məktubu diqqətlə oxudu və sonra da: – Ola bilər ki, mən evdə olmadığım zaman yazılmışdır. Bəlkə də, hökumət dairəsində yazıb göndərdiyi məktubdur. Hər halda diqqətli olmaq lazımdır. Mahru xanım mənim söhbətlərimdən razı qaldığını və bizə «iddiyyətlə kömək göstərəcəyini bir daha təkrar edərək vidalaşıb getdi. Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa başladı. Nina məsələsi təzədən aralığa atıldığından Mahmud xan məsələsinin təkrar olunacağını xatırladım!. Mən sərdar Rəşidin bu xain arzuya nail ola bilməyəcəyini çox yaxşı bilirdim. Bilirdim ki, mənim məhvimdən sonra da Nina sərdar Rəşid kimi adamlara satılan qız deyildir. Lakin buna baxmayaraq, bu xəbər məni zəhərlədi, çünki sərdar Rəşidin mənimlə olan mübarizədə işlətdiyi bu üsul yeni mübarizə üsulu deyildi, namussuzluq və xəyanətin ən alçaq bir şəkli idi. Buna baxmayaraq, Mahru xanımın gətirdiyi bu xəbər sərdar Rəşidə qarşı aparacağım mübarizədə mənim iradə və qətiyyətimi bir daha möhkəmlətdi və dərinləşdirdi. Qapını vurdular. Nabat xanım gələcəkdi, mən bütün kədərlərdən silkindim. Qəm və qüssənin tozlarını öz qəlbimdən sildim və durub otaqda gəzişməyə başladım. Bir-iki dəqiqə də belə keçdi. Nəhayət, otağın qapısı açıldı, Nabat xanım içəri girdi, çarşabını başından götürüb divanın üstünə qoydu, əlimi bir avropalı qadın kimi sıxıb yanımdakı stulda əyləşdi. Onun qara gözlərinin ətrafında yuxusuzluq və dərin kədərlərin əlaməti olan göy həlqəni görürkən ona muraciətlə dedim: – Nabat xanım, dünən gecə sizi narahat etdiyimiz üçün üzr istəyirəm. Gözlərinizdən bütün gecəni yuxusuz qaldığınız və kədərləndiyiniz məlumdur. Eybi yoxdur. Bu yuxusuzluqdan sizin üçün bir mənfəət olsaydı, mən çox şad olardım. – Dünən gecəki axtarışda böyük və lazımlı vəsiqələr tapıldığını bilirsiniz. Lakin bu vəsiqələr haqqında danışmaqdan qabaq mən bir şeyi bilmək istəyirdim. Ancaq sizdən rica edirəm ki, öz ürəyinizi məndən gizlətməyin, çünki bu məsələdə sizin fikriniz qəti rol 0ynamış olacaqdır. – Mən öz qəlbimi sizdən gizlətməyəcəyəm, hərgah mən ikiüzlü qadın olsaydım, sizin təklifinizə razı olmaz və evə buraxmazdım. – Çox gözəl, indi sizdən soruşuram: siz ərinizin öz xalqının xaini və casusu olduğunu bilirsinizmi? – Necə ki, bilmirəm? Haman vəsiqələr mənim öz gözümün qabağında tapılmamışdırmı? – İndi deyin görüm, siz ondan xilas olmağı istəyirsinizmi? – O mənim vahid arzum deyildirmi? – Onun məhvi və yaxud uzun müddət həbsə alınması sizi incitməzmi? – Əvvəlinci təklif yox, ikincisindən inciyərəm. Mən onun həbs olunması tərəfdarı deyiləm. – Yaxşı fikirləşinl Burada bir nəfərin həyat məsələsi həll olunur. Hərgah bu hadisə sizi az da olsa kədərləndirəcəksə, onu bizə xəbər verməlisiniz. – Onun yaşaması həm mənim, həm də xalqın yaşaması üçün zərərlidir. Onun bir insan kimi dəyəri yoxdur. Havadan, sudan və günəşdən həzz almağa səlahiyyətli deyil. Bu mənim son sözümdür. Məni ondan xilas edin, ölənə qədər sizə duaçı olaram. – Ö nə vaxt gələcəkdir? – Bu gün axşam. – Elə isə o bu gün axşam evə gələn kimi, yerə oturmağına macal verməyərək deyərsiniz ki, səni təcili iclasa çağırıblar. – İclasın harada çağırıldığını demək lazım deyilmi? – Deyərsiniz ki, iclasa çağıran adam dedi ki, cənab Rzabala 4-5 ünvana buyursunlar. Hərgah o gəlmək istəməsə, birtəhərlə küçəyə çıxıb qapınızdakı səkidə iki daşı bir-birinin üstünə qoyarsınız. Bu mümkündür ki? – Mümkündür! Belə də edərəm, - dedi. Nabat xanım vidalaşıb getdi, biz isə Rzabalanın iclasa gələcəyinə əmin idik, çünki o bizi təcili surətdə öyrənməli və sərdar Rəşidə xəbər verməli idi. —ö— ə. Rzabala içəri girdiyi zaman otaqda bir mən, bir də Tütünçüoğlu idi, yoldaşlardan dörd nəfər içəri otaqda oturub bizim qərarımızı gözləyirdi. Saat 12 idi. Hava çox soyuq və qaranlıq idi. Rzabala içəri girən kimi bizdən başqa bir nəfəri görmədiyi üçün soruşdu: – Bəs yoldaşlar haradadır? – İndi hamısı gələcəkdir. Siz bir az vaxtından tez gəlmişsiniz. – Mən yarım saat bundan əvvəl səfərdən gəldim. Nabat xanım iclas olduğunu xəbər verdi, hələ içəri girmədən xurcunu evə verib iclasa tələsdim. Eybi yoxdur, bizə iclas hər şeydən vacibdir, hazırda çox məsuliyyətli zamandır. Yaxşı olar ki, belə iclasları çox tez-tez çağıraq, doğrusu budur ki, əziz yoldaş, biz öz səhvlərimizi gözdən keçirməliyik. Mənim zənnimcə, Təbrizdə yüz nəfərə qədər demokrat firqəsi üzvü vardır. Amma biz iclas zamanı 10-15 nəfərdən artıq görmürük. Əcəba, bunları intizam altına almaq lazım deyilmi? – Elədir, Rzabalal – dedim. – Bu gecə sizi də ondan ötrü bura çağırmışıq. Əvvəlcə sizin özünüzdən başlayacağam. Bu sözdə Rzabalanın rəngi ağardı, o sanki bir şey hiss etdi və: – Məgər aaağa mə-mə-məni tanımırmı? – Görünür ki, tanımamışam. – Elə isə mən xudahafiz! İndi ki, cə-cə-cə-nab aaağa məndən şübhəlidir, mən bir də bura dolanmaram. Qalxıb getmək istədikdə oturmasını əmr etdim: – Otur! Buradan salamat dışarı çıxmaq üçün doğru danışmaq lazımdırl Rzabala məsələni bu cür gördükdə, özünü tox və qorxmaz göstərmək üçün başqa cür danışmağa başladı: – Siz heç bilirsiniz nə edirsiniz? – Çox yaxşı bilirəm, səni burada həbsə almışam. Bütün xəyanətlərini boynuna götürməmiş bayıra buraxmayacağam. – Sən bilirsən ki, bir kərə gözümü əysəm qaraməlikli və şeşgilanlılar sənin tükünü didərlər?1 – Eybi yoxdur, sən xəyanətlərini iqrar et, ondan sonra qaraməlikli və şeşgilanlılara gözünü əy ki, mənim tükümü didsinlər. – Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz? – Təbriz xalqının barəsində Məmmədəli şah dövründən başlamış indiyə kimi nə qədər şeytanlıq və casusluq etmisənsə, hamısını burada söyləməlisən. – Çox eyib olsun ki, mənim 7 illik silah yoldaşım heç utanmadan mənə şeytan və casus adı verir. Bu mənim zəhmətlərimin mükafatıdırmı? – İndi mən Təbriz yoxsullarının, Təbriz işçilərinin bir nümayəndəsi kimi səni mühakimə edirəm. Bunu deyərək səslədim: – Məhkəmə içəri buyursun! - dedikdə Pərviz, Quluzadə, Şəfi, Həsənağa içəri girdi, hər birisi öz yerini tutdu. Mən sözə başlayaraq: – Rzabala Hacı Hüseynquluoğlu şeşgilanlı, 45 yaşında, tacir, ailəli, casusluqda nüüttəhim edilir, – dedim. Rzabala yerindən qalxdı: – Mən bu cürə oyunları sevmərəm. Sizi bir məhkəmə kimi də tanımıram! Hərgah məni mühakimə etmək lazımdırsa, məmləkətdə hökumət də var, məhkəmə də, – Rzabala bu sözü deyərək qapıya tərəf getdikdə Tütünçüoğlu onaçılanı çəkib onu oturmağa məcbur etdi. Rzabala oturdu, artıq o qorxur və titrəyirdi. – Bu, nə hökumət və nə də şəriət məhkəməsi deyildir. Bu inqila» məhkəməsidirl Hərgah sən hökumət əleyhinə olsaydın, inqilab məhkəməsi səni müdafiə edə bilərdi. İndi isə söz sənindir, Məmmədəli şahın vəliəhd olduğu zamandan bəri olan əks-inqilabi fəaliyyətin barəsində danış! Lakin əyri işlərin haqqında doğru danış! – Çox qəribə adamlarsınız ha, mən bilmədiyim işin haqqında nə danışım? Bu sözdən sonra mən əlimi atıb iş qovluğundan bir kağız çıxarıb oxudum: «Ruhumuzun qidası olan əlahəzrət Məmmədəli Mirzəyə! Əlahəzrətin əmrinə görə mən demokrat firqəsinə yazılmışam. Demokratların son günlərindəki fəaliyyəti xalq arasında Müzəffərəddin şah həzrətlərinə teleqram vurmaq və əncümən təşkilinə icazə istəmək üçün təbliğat aparmaqdan ibarətdir. Hələlik işin qabağına düşən Mir Haşımdır. Xalqı ingilis konsulxanasına girməyə və Samsam xan məscidində bəstə oturmağa təşviq edirlər. Əncümən qurulmasına ziddiyyət göstərən Mirzə Kərim ağa İmameümə və Mirzə Həsən ağa müctəhidlərin Təbrizdən qovulması üçün təbliğat aparılır. Əlavə əmrinizə müntəzirəm. Rzabala Şeşgilani 1 mahi-şəban, 1324. – Sən bu kağızı Məmmədəli Mirzəyə yazmısanmı? – Bunu siz haradan əldə etmisiniz? – Sənin yazı mizinin üstündən. – Bəli, mən yazmışam! – Təbriz xalqı Mirzə Həsən ağa və Mirzə Kərim ağanı Təbrizdən qovduqdan sonra sən Qızılca meydana Mirzə Kərim ağanın görüşünə nə üçün getmişdin? – Onun şəhərdəki taxıllarını almaq üçün. – Mənə bunu isbat edə bilərsənmi? – Bəli, edə bilərəm! – Bəs Mirzə Kərim ağanın sənə yazdığı bu məktub nədir? – Hansı məktub? – Budur, qulaq ver, oxuyum. eCənab sərkar Rzabalal Siz əldə etdiyiniz bütün məlumatı və bizə göndərmək istədiyiniz məktubları Hacı Seyid Məmməd Yezdiyə və Hacı Mirzə Əsədulla müctəhidə təslim edə bilərsiniz. Onlar da dövlətin davamı və islamın əzəməti yolunda çalışanlardır. İmamcümə Kərim 15 mahi-şəban». – İndi mənə de görüm, yuxarıda adları çəkilən müctəhidlər əksinqilabçılardı, ya yox? – Bəli, əks-ınqılabçılardı. – Sənin bunlarla əlaqən var idimi? – Bəli, var idi. – İndi de görüm, ramazan ayında birinci kərə cErmənistanə yaxınlığında Səfi bazarçasının başında, Hacı Məmməd Hüseyn xan Sərtibin evində əncümən təşkil olunduğu zaman, sən hamıdan qabaq millətə və məşrutəyə xəyanət etməmək üçün tacirlər və əyanlarla bərabər Qurana and içmişdinmi? – Bəli, and içmişdim. – Bəs nə üçün andını sındırdın? – Mən Qurana and içəndən bəri heç bir xəyanət etməmişəm. – Bunu doğrumu deyirsən? – Məsləkim haqqı! – Doğru demədin. Məmmədəli şahdan aldığın xüsusi məktublara görə 1325-ci il məhərrəm ayının birində Təbrizdə iğtişaş qaldırmaq üçün sinəzən dəstəsi küçələri gəzdiyi vaxt əncümən üzvü Hacı Mirzə Həsən Milanini güllə ilə vurduran kim idi? – Xəbərim yoxdur! – Hərgah xəbərin yoxdursa, Məmmədəli şaha bu barədə yazdığın məktub nə üçündür? cQibləgahal Zəlil və həqir bəndələriniz əmrinizə itaət edir. Üzvlərdən Hacı Mirzə Həsən Milani vuruldu. Rza. 2 məhərrəm 1325? Rzabala başını aşağı salıb danışmırdı. Mən yenə də ona sual verdim: – Əks-inqilab təşkilatı olan cİslamiyyəə ilə də əlaqən var idimi? – Bəli, var idi. Rzabalaya bir çox vəsiqələr nişan verdikdən sonra artıq inkar və imtinanın faydasız olduğunu yəqin etdi və özünün bütün varlığı ilə əks-inqilabçı olduğunu boynuna aldı. O, Rəhim xan və onun oğlu Böyük xan Eynüddövlə, Nizamülmülk və Fərmanfərma ilə əlaqə saxladığını və Səttar xan qərargahından onlara məlumat göndərdiyini boynuna aldı. Artıq o, inqilab məhkəməsinin mərhəmətinə sığınmağa və tövbə etməyə, əfvini diləməyə başladı. Mən ona bir daha sual verdim: – Sən demokratların siyahısını sərdar Rəşidə vermisənmi? – Xeyr, hələ verməmişəm! ” Vermək istəyirdinmi? – Bəli, verəcəkdim! “ Səninlə bərabər bu işdə kimlərin iştirakı olmuşdur? ” Məgər Təbrizdə əks-inqilabçı azdır?I – Mən səndən demokratları, daha açığı bizimlə bərabər işləyən- ləri soruşuram. – Corabçı Məşədi Müqim və Ağa Qulam Şəbüstəri idi, bu iki nəfər ciddi iştirak edibdir. Başqalarından xəbərim yoxdur. – İndi ki, hər bir şeyi boynuna götürdün, bir məsələni də açıq deməlisən: 9-cu illərin əvvəlində mücahidlərin ərzaq məsələsi sənə tapşırıldığı zaman nə qədər oğurluq etmişsən?1 ” Mən bir şahı da oğurluq etməmişəm, halal kəsb etmişəm, puldur, qazanmışam, o zaman xalq pul qazanmırdımı? – Sən o vəzifəni öz öhdənə götürdüyün zaman pul qazanmaq məqsədi ilə yox, inqilabı müdafiə etmək üçün söz vermişdin, çünki O Zaman çox çətin zaman idi, vəzifələr yoldaşların arasında bölünürdü. ” 25 min tümən qazanmışam, hərgah bunu günah hesab edirsinizsə, hər zaman qaytara bilərəm. – Bura qədər kifayətdir, daha məsələ tamamilə aydındır, – dedim və yoldaşlara müraciətlə soruşdum: – Rzabalanın haqqında kim danışmaq istəyir?1 Tütünçüoğlu söz alıb danışdı: – Biz bir çox düşmənlərlə üz-üzə durub döyüşmüşük, hazırda onların bir çoxları ilə də barışmışıq, çünki onların bir qismi şüursuz olaraq bizə düşmən olmuşdu, lakin biz heç vaxt ehtiyatımızı və silahımızı əldən buraxmırdıq. Biz neçə illik mübarizəmizdə yüzlərlə şüursuz düşmənlərlə də üz-üzə gəldik, onlar bizi, biz də onları vurduq. Onlar həqiqətin hansı tərəfdə olduğunu bilmədikləri üçün inqilabın əleyhinə çıxırdılar. Lakin bizi içərimizdən çürüdənlərlə mübarizə apara bilmirdik, çünki onları ifşa etməyə vaxtımız yox idi, onların düşmənə verdikləri məlumatın nəticəsində yüzlərlə yoldaşımız qurban verildi. Rzabala və müqimlərin casusluqları nəticəsində yüzlərlə yoldaşımızı aparıb Dəvəçi əks-inqilabçılarının evlərində qoyun kimi kəsdilər. Bizim cərgəmizdə demokrat maskası ilə çalışanlar, şüursuz düşmənlər deyildi, onlar şüurlu və əks-inqilabın səmimi oğlanları idi, buna görə də biz onlarla barışmamalı və onları ölüm cəzası ilə cəzalandırmalıyıq. Məhkəmədə iştirak edənlərin hamısı bir səslə Rzabalaya ölüm cəzası tələb etdilər. Rzabala məsələni ciddi gördükdən sonra, indiyə qədər həyatından artıq sevdiyi sərvətini köməyə çağırdı və onları bir-bir bizə təqdim etməyə başladı: – Yüz min tümən nəqd pulum vardır. Şəhərin beş yerində mülküm vardır. İki yüz batman torpağım, beş bağım, bir dəyirmanım, yüz əlli min tümən təməssük alacağım vardır. Bunların hamısını inqila» yolunda hədiyyə edirəm, mənim günahımdan keçin, anlamamışam, bir qələtdir eləmişəm, mənə rəhminiz gəlsin. Sizi and verirəm məşrutəyə və Səttar xana, məni öldürməyin! O, titrəyə-titrəyə məndən cavab gözləyirdi, mən bir kərə: – Məhkəmənin qərarı ölüm cəzasıdır! – deyib ayağa qalxıb getmək istədiyim zaman o, huşsuz yıxılmışdı. * * * Sərdar Rəşidin iç üzü Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı. Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub: – Mənim ruhum, - dedi, – sən mənim bu gecəmi də xoş keçir. Səni çox gec çağırdım, yatdığını və məni öz hüzurunun nəşələrindən məhrum etdiyini zənn edirdim. Mahru ömründə birinci kərə olaraq bir kişinin ruhunu oxşaya biləcək və eşqin odlarını alovlandıracaq cümlələrlə danışmağa başladı: – Mən bir kərə də olsa sənin iradən xaricində hərəkət etmişəmmi? – dedikdə sərdar Rəşid: – Bu gün nə qədər ağıllı bir qız oldun! Əcəba, sən mənim iradəmə hörmət bəsləyəcək və məni öz həyatımdan məmnun etməyə çalışacaqsanmı? – Hazırkı çərçivədən kənara çıxmamaq şərti ilə sənin bütün iradələrinə hörmət bəsləməyə hazıram. Məhəbbətimiz bir bacı-qardaş məhəbbətini təmsil etməlidir. Bu məhəbbət məndən hər nəyi tələb edirsə ifa etməyə söz verirəm. – Biz ki, bacı-qardaş deyilik. – Hərgah sən məni öz bacın deyə hər bir kəsə söyləməsəydin, o zaman mən səninlə bir qadın kimi danışardım, ya səni rədd edərək bu evdən gedərdim, yainki sənin tələblərinə təslim olub burada yaşardım. İndi isə gecdir. Bütün Təbriz xalqı, hətta ruslar, ermənilər də bilir ki, mən sənin bacınaml Əcəba, xalq sənin mənimlə bir ər kimi yaşadığını bilərsə, onda sənin vəziyyətin nə kimi bir şəkil alar?1 O zaman sənin düşmənlərin üstünə ayaq almazmı? – Sən nə qədər ağıllı qızsan! Bütün dediklərin bir həqiqətdir, lakin hər kəsdə olduğu kimi mənim də eşqim, mənim də sənə olan məhəbbətim həqiqətlərlə hesablaşmır. Mahru, götür o konyakı, mənim piyaləmi doldur, gətir onu sənin əlindən alıb içim, heç olmasa bir kərə mənim sevgimə cavab ver! – Piyaləni dolduracağam, lakin bizim əlaqəmiz bu çərçivədən kənara çıxa bilməyəcəkdir. Mahru bunu deyərək sərdar Rəşidin piyaləsini doldurdu, özü də onun gözünün qabağında oturdu. Sərdar Rəşid ancaq Mahrunun əlindən konyak piyaləsini alıb içir və Mahrunun alnından öpməklə kifayətlənirdi. Sərdar Rəşid bir az sərxoş olduqdan sonra Mahru sual verdi: – Mənim dediklərimə əməl etdinmi? – Hansı dediklərinə? – Ninaya göndərdiyim sifarişlərimə. – Sən özün bir yaxşı düşün! Əbülhəsənbəy sağ olduğu zaman Ninaya başqa birisinə ərə getmək təklifini etmək mümkündürmü? Sən özün Ninanın nə qədər ona bağlı olduğunu bilmirsənmi? – Sən hərgah bu evdən çıxıb başqa bir adama ərə getmək istəyirsənsə, o zaman iki şeydən birisini etməlisən. Ya İraidanın yerini öyrənməlisən, yainki Ninanı bu evə gətirməlisən. Mənim sevgi məsələm bu üç adamın şəxsində həll olunmalıdır. – Sözüm yoxdur, iki əvvəlincilərin barəsində çalışaram. – Üçüncüsünün barəsində də düşünsəydin daha yaxşı olardı. Mahru, sən gəl bu evdən getmə! Mən qorxuram ki, mənim səadətim səninlə də bu evdən getsin. Əsəd kimdir ki, sən məni ona satırsan? Mən bir ölkənin hökmranıyam. O kimdir? – Sən mənim bugünkü əlaqəmdən razı olsan və mənə başqa tələblər verməsən, mən də sənə söz verirəm ki, bu evdən çıxıb başqasına ərə getməyim. Buna razısanmı? – Razıyam, sən mənim ömrüm olduqca gözümün qarşısında otur. Mən dünyanın səadətini sənin çöhrəndə, işıqlı günləri isə sənin qara gözlərinin bəbəyində görürəm. Sənin doldurub mənə verdiyin piyalələrin nəşəsi İranın padşahına da mümkün deyil. Razıyam, Mahru, mənə söz ver ki, sən Əsədə getməyəcəksən. Sərdar Rəşid sərxoş olmuşdu. Şam süfrəsinə oturdular. Mahru onu bir daha içirdi, gəlib onu yatırtmaq üçün öz otağına apardılar. Mahru isə onun yazı stolunun başında oturub onun bloknotundakı qeydləri oxumağa başladı. Şahzadə Əbülfət Mirzəyə!/ Cənab şahzadə, təklifiniz müqəddəs bir təklifdir. Lakin onun ikinci hissəsi ilə razılaşa bilmirəmə. Sərdar Rəşid bloknotun başqa bir səhifəsində çar konsulu Belyayevə yazırdı: 4Cənab general! Yaxın günlərdə Təbrizdə olan gizli inqilab komitəsi üzvləri və Təbrizdəki demokratların siyahısını sizə təqdim edə biləcəyəm. Demokrat firqəsi üzvlərindən şeşgilanlı Rzabala bizimlə təşrikməsai etməyə söz vermişdir, məzkur bir neçə günlüyə Kavkan şəhərinə gedibdir, inşallah qayıdan kimi tapşırdığımız vəzifəni yerinə yetirəcəkdirə. Bir məktub də sədr-əzəmə yazılmışdı: €Cənab müstətab, həzrət əşrəf sədr-əzəmin hüzuruna. Şəxsi məktubunuzu oxudum, Rusiya general-konsulunun təzə təşəbbüsləri bəndələri də rəncidəxatir etmişdir. Konsul bir çox hadisələrdə İranın müstəqil bir hökumət olması məsələsi ilə heç də hesablaşmır. Konsul yenə də Azərbaycanın maliyyə işlərinə müdaxilə edir və İran hökumətinə vergi vermək istəməyənləri öz himayəsinə alırə. Sərdar Rəşid bu qeydlərdən sonra çar konsuluna göndərmək üçün belə bir məktub da yazmışdı: «Cənab general! Hər halda bəndənin vəzifəsi və təklifi müəyyən edilməlidir. Bu gün sədr-əzəmdən töhmət məktubu almışam. Sədr-əzəm çar general-konsulxanasından maliyyə işlərinə qarışmamasını tələb etməklə İrana maliyyət verməyənlərin rus himayəsinə girməsinə etiraz etməyimi tapşırmışdır. Bəndə heç bir vaxt Tehran hökumətinin tələblərinə əməl edə bilməyəcəyəm. Cənab general bu barədə mənə kömək etməlidim. Bloknotdan götürülən qeydləri nəzərə alarkən, sərdar Rəşidin bir neçə cəbhədə işlədiyi məlum olurdu. Mahru bütün qeydlərin surətini çıxardıqdan sonra onun qutularının açıq olmasından istifadə edib, bir çox vəsiqələrin üzünü, uzun olanların isə qısa məzmununu yazıb götürdü, sonra bütün vəsiqələri olduğu kimi öz yerində qoyub, gecə saat 3-də öz yataq otağına çəkildi. kok Sərdar Rəşidin evindən əlimizə düşən vəsiqələr onun Azərbaycanın gələcəyi üçün çox qorxulu rol oynadığını göstərirdi. Bu rol Hacı Səməd xanın oynadığı rollara bənzəməzdi, çünki Hacı Səməd xan ancaq özünü bir ingilis və çar nümayəndəsi kimi aparır və bu iki hökumətin mənafeyini müdafiə edirdi. Lakin sərdar Rəşidin bir əli ruslarda və ingilislərdə, bir əli də osmanlı və alman dövlətlərində idi. O, xüsusi olaraq hər etimala qarşı özünü müdafiə etməyi düşünür və yuxarıda adı çəkilən dövlətləri özündən incitməməyə çalışırdı. Demokrat firqəsinin diqqət-nəzərini ancaq alman və osmanlı məsələləri cəlb edirdi, çünki alman və osmanlılar Azərbaycana bir dava edən dövlət kimi deyil, bir macəraçı kimi gəlirdilər. Buna görə də demokrat firqəsi silahını alman-osmanlı macəraçılarına və onların mənafeyini müdafiə edən sərdar Rəşidə qarşı çevirmişdi. Firqə bu münasibətlə Təbriz xalqına belə bir muraciətnamə buraxmışdı: «Qəhrəman təbrizlilər! Bir neçə əsrdən bəri yazılan tarix səhifələri sizin qəhrəmanlıq dastanlarınız ilə doludur. Siz ərəb və yunan istilasına qarşı fədakarlıqdan geri durmadıniz, ərəbləri Həmədan, Nəhavənd və Araz çayı kənarında döydünüz. Boynunuzu əsirlik zəncirinə verməmək üçün osmanlı istilaçıları ilə bir əsr tamam müharibə etdiniz və hədsiz qurbanlar verdiniz. Siz zalım Məmmədəli şah ordusunu Təbriz altından qovan təbrizlilərsinizl Siz istiqlaliyyət və azadlıq uğrunda aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsinizl Bu gün yenə də tarixi imtahan vermək günüdür. Sizin öhdənizə mühüm vəzifələr düşür. Azərbaycanın siyasi həyatında çox qorxulu bir səhifə açılmaqdadır. Azərbaycanın sabiq valisi Azərbaycanın minlərcə namuslu oğullarını məhv etdi, bütün ölkəni qarət edib Marağaya göndərəndən sonra özü də Azərbaycanı tərk etdi. Onun yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini sərdar Rəşid təyin olundu. Qeyrətli, qəhrəman təbrizlilər! Siz sərdar Rəşidi Ərdəbildə hakim olduğu zamandan bəri tanıyırsınız. O bu gün Təbrizdə daha böyük bir xəyanətə əl vurmaqdadır. O, yalnız çar və ingilis mənafeyinə deyil, alman və osmanlı mənafeyinə də xidmət edir. Sərdar Rəşid Təbriz xalqının boynuna salmaq üçün təzə bir zəncir hazırlayır. cİttehadi-islamə şüarları altında çalışan osmanlı paşaları Təbrizi qarət etmək üçün hazırlanırlar. Onların «qardaşlıq köməyinə gəlirik? deməklərinə inanmayın! Onlar yaxın keçmişdə bir neçə kərə Təbrizi qətl-qarət etmişlər. Onlar heç bir vaxt bizə istiqlaliyyət verə bilməzlər. Sərdar Rəşidin ətrafına toplanan köhnə ve təzə mürtəcelərin verdiyi vədlərə inanmayın! Tehran vəzirlərindər də nicat gözləməyin, çünki onların hər birisi bir müstəmləkəçinin qucağındadırl Məmmədəli şah, Eynüddövlə və Rəhim xanlara qarşı göstərdiyiniz qəhrəmanlığı sərdar Rəşidə qarşı olan mübarizədə də göstərin! Üç-dörd tərəfə işləyən bu xainin mübarizəsinə hazırlaşın! İnqilab komitəsi». İnqilab komitəsinin intibahnaməsini Təbriz divarlarında görən alman-osmanlı əks-kəşfiyyatı da təbrizlilərə müraciət edirdi. Onlar da xalqı «İttihadi-islampa dəvətedici intibahnamələr buraxırdılar. Lakin kütlə onların intibahnamələrinə heç də əhəmiyyət vermirdi. Son günlər intibahnamə buraxmaq bir adət dərəcəsinə gəlmişdi, hətta tək-tək adamlar da sərdar Rəşidə hücumnamələr yazıb divarlara yapışdırırdılar. O zaman: Əlində bayda, Həsən, Həsən, Həsən xan, Səndən nə fayda, Həsən, Həsən, Həsən xanə — deyə Müzəffərəddin Mirzəyə intibahnamə yazan təbrizlilər bu gün də sərdar Rəşidin keçmişdə dəllək şagirdi olduğunu xalqa xatırladaraq, aşağıdakı nəğmələri yazmışdılar: Ustacan, təlaş mikunəm, Xeyli xob təraş mikunəm. Təlaş in beççə yad gün, Məaş məra ziyad gün. Beççəş nəcib xoş giləm, Ustacan, tu şad gün diləm Təlaş in beççə yad gün Məaş məra ziyad gün. Məmləkət əz mərd xali şüd, Beççə dəllək həm vali şüd. Şəb-ruz təlş xahəd şüd, Sətr ma təraş xahəd şüd Mən ki, əhli-karəm, ustacan, Rahət nədarəm, ustacan, Əz tu şükuh darəm, ustacanl. Sərdar Rəşid Təbrizdə öz hökumətini möhkəmlətmək üçün heç bir vasitə tapa bilmirdi. Çar konsulu da onu müdafiə etməyi bacarmırdı, çünki çar nüfuzunun ən sönük bir vaxtı idi. Özünü Mərkəzi İran hökumətinin nümayəndəsi hesab edən sərdar Rəşid onun nüfuzu sayəsində də mövqeyini möhkəm etməkdə aciz idi, çünki İran hökumətinin nüfuzu çoxdan bəri Azərbaycandan silinmişdi. Sərdar Rəşid başını itirmişdi, o artıq hökumət dairəsinə gedə bilmirdi, küçə uşaqları onun başını görən kimi: cüUstacan, təlaş mikunəm, Xeyli xob təraş mikunəmə - deyə bir səslə oxuyurdular. Divara yapışdırılan vərəqələri konsula da tərcümə etmişdilər. Buna görə də sərdar Rəşid xəstələnmişdi, nə hökumət dairəsinə, nə də konsulxanaya gedə bilmirdi. Tam bu günlərdə Təbrizin siyasi vəziyyəti bir daha dəyişməyə başladı. Hacı Mirzağa Büllurinin və Hüseyn Fişəngçinin osmanlılarla bərabər təşkil etdikləri dəstənin Savucbulağı işğal etmək xəbərləri Təbrizə yayıldı. Sərdar Rəşidin nüfuzdan düşməsi və osmanlıların Təbrizə yaxınlaşması xəbəri Təbrizə yayılan kimi çar konsulunun fikri dəyişdi, o bir daha Hacı Səməd xanı Təbrizə gətirmək qərarına gəldi, çünki o, Hacı Səməd xanın Azərbaycan xanlarını təşkil edə bilməsi və osmanlılara qarşı müəyyən bir qüvvə çıxara biləcəyini anlayırdı. Bu gün Nina konsulxanadan gələn kimi məni öz otağına çağırdı və Qafqaz canişinindən konsulxanaya gələn gizli teleqramın surətini göstərdi. I Ustacan, mən təlaş edirəm ki, başları yaxşı qırxım. Sən də bu uşağı xatırlayaraq muzdunu artır. Mən bir gözəl və nəcib uşağam, ustacan, qəlbimi şad elə. Məmləkətdə daha başqa adam yox idi ki, dəllək şagirdini gətirib vali təyin etdilər" Gecə-gündüz təlaş edib bizim başımızı qırxacaqdır. Ustacan, mən iş adamıyam. dincəlmədən çalışıram. Buna görə də səndən şikayətim var. Qafqaz canişini Hacı Səməd xanın Tiflis şəhərindən Təbrizə yola düşməsi və Təbrizdə olan qüvvə ilə Savucbulaq tərəflərində yerləşən osmanlılara qarşı hücum etmək üçün göndərildiyi xəbərini verirdi. Çar hökuməti osmanlıların Azərbaycan hüdudlarından zühur etməsini bəhanə edərək, yenə də Səməd xanı Azərbaycan əyalətinin başında qoymaq istəyirdi, çünki sərdar Rəşidin heç bir nüfuzu qalmamışdı. Hacı Səməd xan Təbrizdən Tiflisə yola düşdüyü zaman belə özünün Qafqaz canişininə şikayətə getdiyini, öz barəsində haqsızlıq göstərildiyini qeyd etmişdi. Bu dəfə onun Təbrizə qayıtması, rusların sərdar Rəşiddən ümidlərini kəsmələri kimi məna edilməli idi. Heç şübhə yoxdur ki, Səməd xan osmanlılarla aparacağı mübarizədə qalib gələcəyi zaman həmişəlik Azərbaycanda qala biləcək və sərdar Rəşidi Azərbaycan mühitindən silib atmağı bacaracaqdı. Sərdar Rəşidin bu məsələdən xəbəri yox idi. O, çar generalkonsuluna xidmət göstərmək üçün hər gün bir sıra günahsızın siyahısını konsulxanaya verirdi. İnqilab komitəsi çar hökumətinin təzə təşəbbüslərini Təbriz əhalisinə bildirmək və sərdar Rəşidin ruhunu düşürmək məqsədi ilə şəhərə daha qısa bir intibahnamə buraxmışdı. İntibahnamədə çar hökumətinin sərdar Rəşiddən naümid olduğu, sərdar Rəşidin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi, Rusiyanın Hacı Səməd xanı yenidən Təbrizə gətirdiyi qeyd olunmaqla bərabər, Hacı Mirzağa Büllurinin komandası altında gələn dəstənin nədən və kimlərdən ibarət olduğu kütlələrə bildirilmişdi. Bu intibahnamə çıxdıqdan sonra Tütünçüoğlu məni Məşədi Kazım ağanın hücrəsində tapıb Mahrunun məni evdə gözlədiyini xəbər verdi. Mən tələsik faytona minib evə gəldim. Mahru ilə görüşdüm. O mənə dörd parçadan ibarət yazılı kağız verdi. Birinci məktub Tehranda daxiliyyə nazirinə yazılmış bir teleqram idi. €Həzrət əşrəf! Təbriz divarlarına yapışdırılan şəbnamələrdə Rusiya dövləti-bəhiyyəsinin Hacı Səməd xan Şücaüddövləni Təbrizə gətirməyi xəbər verilir. Bu barədə Rusiya dövləti-bəhiyyəsinin Təbriz konsulu əyalət hökumətinə heç bir məlumat verməmişdir. Hər halda həzrət əşrəf Hacı Səməd xanın Təbrizə gəlməsi münasibəti ilə əyalət hökumətinin təklifini müəyyən etməlidirə. Sərdar Rəşid Tehrandan yardım gözləməyə başlamışdı. Lakin Azərbaycan məsələsinin Tehranda yox, Petroqradda həll olunduğunu bilmirdi. Hər halda sərdar Rəşid özünün Tehran kabinəsi tərəfindən müdafiə olunacağını bilirdi, çünki Tehran öz siyasəti üçün sərdar Rəşidi Hacı Səməd xandan daha əlverişli sayırdı. Mahru gətirən ikinci məktub Təbrizdəki çar general-konsuluna yazılmışdı: €Cənab general! Bu gün Təbriz divarlarına yapışdırılan intibahnamələrin birisində bizim üçün gözlənilməyən bir məlumata təsadüf etdik. Hacı Səməd xan Şücaüddövlənin təzədən Təbrizə gətirilməsi imperator hökumətinin himayəsində Azərbaycan əyalətinin idarəsini öhdəsinə götürən mənim kimi dostların nüfuzunu qırmaq və onu mənəviyyatca öldürmək deməkdir. Hər halda bu barədə cənab generalın fikrini bilmək istərdimə?. Mahrunun gətirdiyi məktubların üçüncüsü çar general-konsulundan sərdar Rəşidin məktubuna verilən cavabdan ibarət idi. «Cənab vali! Əvvəlcə həzrət əşrəfə bunu xatırlatmalıyam ki, Təbriz divarlarına yapışdırılan hədsiz-hesabsız intibahnamələr haqqında tədbir görməmişsiniz. Bu cür intibahnamələr yalnız həzrət əşrəfin deyil, eyni zamanda imperator hökumətinin əhali arasındakı nüfuzunun düşməsinə də səbəb olur. İranın daxili işlərinə müdaxilə etmək kimi təbir edilməsəydi, biz bu uyğunsuzluqların qarşısını öz gücümüzlə ala bilərdik. Bizim daxili işə müdaxilə etməyimiz sizin də xalq arasındakı nüfuzunuzu laxlada bilərdi. Biz çox ümid edirik ki, vali cənabları imperator hökumətinə qarşı təbliğat şəklini alan bu hərc-mərcliyi təsviyə etməklə imperator hökumətinə olan dostluğunu işdə göstərəcəkdir. Həzrət əşrəfə bunu da xatırlatmaq lazımdır ki, onun Təbrizdə imperator hökuməti əleyhinə başlanan təbliğata soyuqqanlı tamaşaçı kimi baxması özünün istinad etdiyi çar hökuməti dostluğunu da təhlükə altında qoya bilər. Təbrizdəki hərc-mərcliyə qeydsiz baxmaq nəticəsində həzrət əşrəf öz mövqeyini də itirə bilər. Şücaüddövlənin Təbrizə gətirilməsinə gəldikdə bu ancaq Rusiyanın Azərbaycanda hərəkət edən qoşun dəstələri ərkani-hərbinə aid olan bir məsələdir, bu məsələnin əyalət məsələləri ilə qətiyyən əlaqəsi olmadığından bunu həzrət əşrəfə bildirməyi lazım görmədik. Onun gəlməsi əsgəri məsələlərlə əlaqədardır. O, İrana bir çar zabiti kimi gəlib, ancaq qoşuna komanda edəcəkdir, Həzrət əşrəfə məlumdur ki, Türkmənçay müahidəsinə görə çar hökuməti İranın tamamiyyəti mülkiyyəsini mühafizə etməlidir. İrana başqa bir hökumət hücum etdiyi zaman Rusiya onun istiqlaliyyətini mühafizə etməlidir. Hazırda osmanlılar Savucbulağı almaqla İran torpağına hücum edir və onun istiqlaliyyətini pozur. Rusiya hökuməti öz əhdnaməsinə sadiq qaldığı üçün İranı osmanlılara qarşı müdafiə edir. Hacı Səməd xan Təbrizə gələr-gəlməz cəbhəyə göndəriləcəkdir. O, Miyandab tərəflərində ordu təşkil edəcək və osmanlı hücumlarını qaytaracaqdır. Həzrət əşrəf müstəqil bir surətdə öz hökumətini idarə edəcəkdir, biz bu barədə ona təminət veririkə. Dördüncü daha maraqlı məktub idi. Bu məktub bir İran valisinin simasını layiqincə aydın edirdi. Bu məktub Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçiyə yazılmışdı. Lakin o, çar konsulunun tövsiyəsi ilə yazılmış bir məktuba bənzəyirdi. «Cənab Hacil Xudavəndi-aləm cənab alilərin vasitəsilə beyrəqiislamı ucaltmağa başlamışdır, xüsusən həmsayəmiz olan osmanlı hökumətinin dindaşlıq vəzifəsini nəzərdə tutub islamın küffar əlindən qurtarmasına kömək eləməsi, dini-mübini-islamın möhkəm olması üçün böyük bir isbatdır. Bu bəndələr də «nəsr minallahün və fəthün qəribə ayei-mübarəkəsini dillərində əzbər edib özünün leşkəri-islama olan sədaqətini izhar edir və öz öhdəsinə düşən vəzifəsini layiqilə ifa etmək üçün söz verir. Cənab alilər də öz növbəsində bəndələrin təklifini müəyyən buyurmalıdırlar. Təbrizin nə vəziyyətdə olduğunu «ana» aliləri bilməmiş deyil. Buna görə də nə qədər qoşun üçün mənzil və yemək hazırlamaq lazım olduğunu vaxtikən bəndələrə məlum buyurasınız. Bəlkə, islamın köməyinə gələn qardaşlarımız üçün libas və başqa şeylər də lazım olacaqdır. Ona görə də təşrif gətirən əziz qonaqların miqdarını məlum buyurmalısınız. Bəndələrin tərəfindən sərkər Kəblə Hüseyn ağanın əhvalını soruşarsınız və səmimi salamını yetirərsiniz. Sizin müxlisiniz sərdar Rəşidə. Sərdar Rəşid Hacı Mirzağa Bülluriyə yazdığı məktubunda iki nöqtəni hədəfə almışdı. Onun birinci hədəfi Təbriz üzərinə gələn qüvvəni özündən razı salmaq, ikincisi də onların miqdarını öyrənib çar konsuluna xəbər verməkdən ibarət idi. Bu xəbərlər bizim üçün ən lazımlı xəbərlər idi. Buna görə də Mahrunun əlini sıxıb: – Mən sizə yalnız öz tərəfimdən yox, bütün yoldaşlarımızın tərəfindən təşəkkür edirəm, – dedim. * * * Axşam çağı idi. Hava olduqca soyuq idi, oktyabrın ikinci yarısında indiyə qədər görünməyən soyuqlar keçirdi, mən yenicə evə gəlib sobanın qarşısında oturmuşdum. Məcidin dərslərini gözdən keçirir və ona bəzi suallar verirdim. Həsənağa tələsik içəri girərək məni görmədən Ninaya muraciətlə: – Nina bacı, dadaşım evdədirmi? – dedikdə Ninadan əvvəl mən cavab verdim: – Evdəyəm! Gəl görüm nə xəbər vardır? – Bu saatda konsulxana qapısından keçirdim, Hacı Səməd xan yanında olan iki nəfər çar zabiti ilə bərabər gəlib konsulxanaya düşdü. – Otur, – dedim, – otur, bir az qızış. Ondan sonra da düz-doğru sərdar Rəşidin qapısının ətrafına gedib oradan mənim üçün xəbər gətir. Orada bu hadisə münasibəti ilə nə kimi təzəliklər olduğunu lazımınca öyrən! Həsənağa təzəcə durub getmişdi ki, mən Tütünçüoğlunu gözləyirdim. Onu Savucbulağa göndərəcəkdik, buna görə də dalınca adam göndərdim, lakin çox yubanmışdı. O, gecə saat birdə gəldi və şəhərdə böyük bir həyəcan olduğunu xəbər verdi. – Demək olar ki, Səməd xanın gəlməsi münasibətilə şəhər böyük həyəcan içərisindədir. Hacı Səməd xanın düşmənləri öz ailələri ilə bərabər Təbrizdən qaçır. Səməd xan gedəndən sonra həbsxanadan azad olanlar və qaçqınlıqdan gələnlər tamamilə şəhərdən çıxıb gedirlər. Hacı Səməd xanın adamları yenə də küçələrdə və konsulxana ətrafında görünməkdədirlər. Bir çox qapılarda yenə də çarın himayə bayrağı asılmışdır. Şəhər başlı-başınadır. Sərdar Rəşidin polis nəfərlərindən və alanlardan bir nəfər də olsa bayırda yoxdur. Buna görə də ayıq olmaq lazımdır. Uşaqların bir neçəsinə xəbər vermişəm, bu bir neçə gün onlar o tərəflərdə dolanıb özlərini mühafizə etməlidirlər. – Çox sağ ol! – dedim. – Ancaq sənə başqa vəzifə tapşırmaq istəyirik. Yoldaşlar, sizin Savucbulağa gedib oradan vəziyyəti gündən-günə bizə xəbər verməyinizi məsləhət görüblər. Özünlə bərabər səkkiz nəfər də aparmalısan. Hərgünkü xəbərləri öz adamlarımız vasitəsilə göndərməlisən. Sənin oradakı mühüm vəzifələrindən birisi də, oradakı mücahidləri təşkil etməkdən ibarət olacaqdır. Sən onları qandırmalı və inandırmalısan ki, Təbriz inqilabçıları bu hərəkətdə iştirak etmir. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçinin bu hərəkəti özbaşınalıqdır. O bu barədə bizim razılığımızı almamışdır. Sən İstanbuldan gələn mücahidlərə anlatmalısan ki, bu hərəkət İran xalqının zərərinədir, bu hərəkəti osmanlı-alman hökumətləri rusların əleyhinə düzəltmişlər. Bunun heç bir müvəffəqiyyəti ola bilməyəcəkdir. Nəticədə yenə də İran yoxsulları bədbəxt olacaq, yenə də zərəri Təbriz çəkəcikdir. Sən mücahidlərə deyərsən ki, bu gələn yığıntı dəstələrin Təbriz xalqını talan etmək ehtimalı da vardır. Ona görə də biz Təbrizdəki yoldaşları hər ehtimala qarşı silahlandırmışıq. Hərgah onlar bizim düzəltdiyimiz şəxsi müdafiə dəstəsi ilə razılaşırsa, onların siyahısını düzəldərsən, onların hər birisinə on tümən də pul verərsən... Tapşırıqlar bitdi, Məşədi Kazım ağa lazım olan paraları gətirib Tütünçüoğluna təhvil verdi. Kiçik rus naqanları və əl bombaları ilə silahlanmış doqquz nəfər səhər saat altıda Təbrizdə hərəkət edəcək idi. Gecə saat ikiyə işləyəndə Həsənağa gəldi və sərdar Rəşid haqqında məlumat verərək sərdar Rəşidin özünün hamıdan əvvəl Təbrizdən çıxdığını Baba bağına və yainki Nemətabada köçüb getdiyini, yanınca nökərləri və sair xidmətçilərindən çox az adam apardığını söylədi. Nina ona sual verdi: – Bacısını da aparmışdırmı? – Görmədim, başqalarından da soruşa bilmədim. Hələ Həsənağa sözünü bitirməmiş qapı vuruldu azdan sonra Mahru xanımın gəldiyini xəbər verdilər. Mən heç də onun bu cür qorxulu bir gecədə bayıra çıxacağına inanmırdım: buna görə də ona sual verdim: – Əcəba, siz qorxmadınızmı? – Evdə qalmaq bundan da qorxuludur – Mahru titrək bir səslə dedi. – Evin dağıdılmaq və qarət olunmaq ehtimalı vardır. Sərdar Rəşid şəhəri buraxdı, məncə, o, qorxusundan qaçmadı o, bir hiylə üzərinə Təbrizi buraxdı. O məni aparmaq üçün çox çalışdı, getmək istəmədim, nəhayət, o, tapançanı çəkib məni öldürmək istədi, yenə də getmədim. Hər halda, evdə qalmaq da mümkün deyildir. Evdə böyük hərc-mərclikdir. Kənardan heç bir şey ola bilməz, mənim qorxum onun ərdəbilli nökərlərindəndir. Onların hər birisi sərdar Rəşid kimi həyasızdır, onlar üçün ana-bacı yoxdur, olduqca vəhşidirlər. Buna görə də köçüb Nina bacının yanına gəldim. Mahru çarşabını götürüb oturdu. Biz hələ yemək yeməmişdik, o da bizimlə bərabər süfrədə iştirak etdi. Redikülündən sərdar Rəşidin Tehrana vurduğu teleqramın surətini çıxarıb mənə verdi: (Səməd xan şəhərə daxil oldu. Şəhərdə həyəcan və iğtişaş baş verməkdədir. Şəhəri buraxmağa məcbur oldum. Vəziyyəti təfsilən xəbər verərəmə. ek Üç gündən bəri idi ki, Tehranla Petroqrad və Təbriz arasında müzakirə davam edirdi. Baş vəzir Mustofil-məmalik və xariciyye vəziri Tehranda Rusiya səfiri Etterə nota verib Qafqaz canişininir Hacı Səməd xanı ikinci kərə İrana gətirməsini İranın daxili işlərinə müdaxilə kimi mənalandırırdı. Nəhayət, İranın bir neçə nota və protest teleqramına cavab olaraq Rusiya xariciyyə naziri Sazonov Hacı Səməd xanın bir qoşun komandanı, bir çar çinovniki kimi İrana gəldiyini və İran torpağını osmanlılara qarşı müdafiə edəcəyini xəbər verməklə İran əfkari-umumiyyəsini sakit etdi. Rusiya xariciyyə naziri, eyni zamanda Təbriz konsuluna müraciətlə Hacı Səməd xanın mövcud olan qoşun ilə Savucbulaqdan osmanlıları çıxarmaq üçün Təbrizdən hərəkət etməsi əmrini verdi. Hacı Səməd xan öz qüvvəsini hazırlamaq və hücum halına gətirmək üçün Marağa şəhərinə köçdü. Lakin mövcud olan rus qoşunu ilə osmanlıları Savucbulaqdan çıxarmaq mümkün olmayacaqdı, burada yerli xanların və əşirətlərin də iştirak etməsi lazım idi. Hacı Səməd xan Marağada olduğu vaxt Azərbaycan xanlarına təcili teleqramlar və qasidlər göndərib bir həftəyə qədər öz silahlı qüvvələri ilə bərabər Marağada toplanmalarını əmr etdi. Çar konsulu Təbriz xalqını sakit etmək və Hacı Səməd xanın arxasını təmin eləmək üçün də ikinci nökəri olan sərdar Rəşidə muraciət edib onu Təbrizə dəvət etdi. Konsulun ona göndərdiyi məktubunda belə yazılırdı: 4Cənab Hacı Şücaüddövlə öz vəzifəsini ifa etmək üçün Təbrizdən Marağa şəhərinə hərəkət etdi. İndi həzrət əşrəf Təbrizə gəlib öz vəzifəsini ifa etməlidir. Eyni zamanda həzrət əşrəf həyəcana gəlmiş və şəhərdən qaçmış xalqı da əmniyyətə dəvət etməklə öz yerinə qaytarmalıdır. Həzrət əşrəf əfkari-ümumiyyəni çarın İran işlərinə müdaxilə etmək istəmədiyinə inandırmalı və onlara izah etməlidir ki, bütün təşəbbüslər İranın istiqlaliyyətini müdafiə etmək və Təbriz xalqının malını, irz və namusunu mühafizə eləmək üçündünrə. Konsulun bu məktubundan sonra sərdar Rəşidin Təbrizə qayıtmaq xəbəri şəhərə yayıldı. Ümumi iclas çağırıldı. Yenə də müdafiə tədbirləri və silahlı qüvvə təşkili məsələləri qoyulmuşdu. Biz həmin bu məsələləri müxtəlif şəkillərdə olaraq bir neçə kərə müzakirəyə qoymuşduqsa, əksəriyyət qazanmamışdıq. Buna baxmayıb yenə də müzakirəyə qoymuşduq. Bir çox yoldaşlar yenə də əksəriyyət qazanacağımıza inanmadıqları üçün bu iclası tamamilə artıq hesab edirdilər. İclası mən açdım. İclasın məqsədini və gündəlik müzakirədə duran məsələləri elan etməzdən əvvəl son hadisələr və onların nə kimi bir məqsəd daşımaları haqqında iclasdakılara məlumat verməyə başladım. Sərdar Rəşidin üçtərəfli və xain siyasət aparması məsələsinə keçərkən yenə də yerlərdən: – Uydurmadır! – Əsli yoxdur! – Həqiqətdən uzaqdır! – Böhtandır! – İftiradır! – Günəşin qabağına pərdə çəkməkdir! – deyə səslər ucaldı. Mən bu səsləri çox soyuqqanlı bir surətdə eşidirdim. Səslər sakit olduqdan sonra yenə də sözə başlayaraq dedim: – Əziz yoldaşlar! Mən sizinlə yeddi ildir ki çalışıram. Sizdən bir nəfər də olsa mənim bir kəsə böhtan və iftira dediyimi göstərə bilməz. Bu barədə sizdən cavab gözləyirəm, danışın! Hər kəs bu barədə bir söz eşidibsə desin! Hamı bir səslə: – Xeyr, eşitməmişik! – dedi. – İndi ki, eşitməmisiniz, bundan sonra da eşitməyəcəksiniz. İndi mənə qulaq asın. Sərdar Rəşidin alman dövləti ilə əlaqəsinə dair əlimizdə vəsiqə vardır. Onun Əbülfət Mirzəyə yazdığı məktubun surəti bizdədir. Buyurub baxa bilərsiniz! – bunu deyərək məktubu portfelimdən çıxarıb göstərdim. – Bu da onun çar konsuluna yazdığı son məktubdur. Bu da onun Hacı Mirzağa Bülluriyə göndərdiyi məktubdur. Hamısını sizin üçün oxuyuram. İndi siz İranın Rəşid oğlu? deyə nüfuzunu qaldırmaq istədiyiniz sərdar Rəşidin iç üzünü görün! oko İclasdan çıxıb evə gəldim. Gecə saat bir idi. İclasımız yenə de İmam Hüseyn təziyəsi pərdəsi altında keçmişdi. Bunu Nina da bi lirdi, buna görə də o məni görən kimi: – Deyəsən, bu gecəki İmam Hüseyn təziyəsi çox rövnəqli keçmişdir, rəngin qızarmışdır, çox ağlayan adama bənzəyirsən? – deyə soruşdu. – Doğrudur, Nina! – dedim, - təziyə çox təntənəli keçdi, irticanın qarşısını almaq mümkün oldu. Bu sözümdən Nina dərin bir ah çəkərək: – Qorxuram ki, - dedi, – bizim də çəkdiyimiz zəhmətlər hədər getsin: mən də burada ən qiymətli bir şeyi itirəm. – Ö nə kimi qiymətli şeydir, Nina? – Səni itirəcəyimdən qorxuram! Nina bunu deyərək hönkür-hönkür ağladı. Mən indiyə qədər Ninanı bu qədər kədərli görməmişdim. O, çox ağır və təhlükəli günlərdə belə özünü şaşırmamış və ağlamasını mənə bildirməmişdi. Mən ona sual verdim: – Təzə xəbərmi eşitdin? – Bu günlər mühitimiz təzə xəbərlərlə dolu deyildirmi? – Nina, sən heç də özünü itirmə! Bu hadisələr bizim həyatımızda heç bir dəyişiklik yarada bilməz! – Sərdar Rəşid hazırkı mühitin ən nüfuzlu bir adamıdır, onun bizi görməyə gözü yoxdur. Fürsət tapan kimi səni məhv edəcəkdir. Onda bizim vəziyyətimiz necə olacaqdır? – Bu məsələ həmin fürsətdən asılıdır. Zənn edirəm ki, sərdar Rəşid həmin fürsəti ələ keçirə bilməyəcəkdir. – Hazırda fürsət onun əlindədir, o bu günün özündə səni məhv edə bilər. – İnan, Nina! Biz o qədər də aciz deyilik, biz öz vəziyyətimizi müdafiə edə biləcəyik. Sən konsulxanada olan söhbətlərdən qorxma, onlar öz düşündüklərini deyir, biz də öz düşüncələrimizlə hərəkət edirik. Biz məğlub olmayacağıq, ona əmin ola bilərsən! – Biz Səttar xan Təbrizdən getdiyi zaman buradan getməli idik, lakin sən məni eşitmədin. Söylə görüm bizim burada nəyimiz var? – Bizim burada hər şeyimiz var! Xalqın azadlığı uğrundakı mübarizəni davam etdirməliyik. – Sən sərdar Rəşidin fikrini bilirsənmi? – Bilirəm, Nina! – dedim. O sənin başından bir tük belə qopara bilməz. O bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdırl Görünür ki, Mahru xanım sərdar Rəşidin Nina haqqındakı fikrini Ninaya danışmışdı, buna görə də Nina qorxuya düşmüşdü. Lakin sərdar Rəşidin bu barədə müvəffəqiyyət qazanması xaricdən gələn dəstənin qələbəsindən asılı idi. Sərdar Rəşid ancaq osmanlılar bizi həbsə aldıqdan və vəziyyətə hakim olduqdan sonra öz fikrini həyata keçirə biləcəkdi. Yenə də mən Ninanı sakit etmək üçün: – Sənin bu düşündüklərin hələlik ehtimal şəklindədir, gələcək qaranlıqdır, ondan heç bir diplomat belə qəti xəbər verə bilməz, – dedim. – Bu mübarizədir! Mübarizə aparan tərəflərin növbə ilə məğlu» və qalib olması məcburidir. Sən sərdar Rəşidin son və süni nüfuzundan təkan yemə, o nüfuzu sabun köpüyü kimi partladacağıq. Görünür ki, sən məni yenə də tanımamısan. Nina qismən sakit olmuşdu. Onun gözlərində və çöhrəsindəki adilik öz yerini tuturdu, onun donunun üstünə tökülən inci dənəsi kimi göz yaşları da görünmürdü. O yenə də vəziyyətini düzəltmək üçün durub getdi. Mən müdafiə tədbirlərini həyata keçirmək üçün plan hazırlamağa başladım. Vaxt çox az idi. Savucbulaq altında gedən müharibələr uzun çəkə bilməyəcəkdi. €NİCAT ORDUSU? Təbriz əhalisi arasında olan qorxu və həyəcan həddini aşırdı. Osmanlılara nisbət verilən vəhşiliyin cürbəcür şəkilləri yerli olmayan əhalinin köçməsinə səbəb olmuşdu. Faytonlar, arabalar, avtomobillər arası kəsilmədən Culfa vasitəsilə Rusiyaya qaçqın daşıyırdı. Təbrizdə, hər şeydən əvvəl, görünməyən bir bahalıq baş vermişdi, çünki karvanlar qorxusundan yola çıxmadığı üçün Təbrizə yemək şeyləri gətirən yox idi. Anbar sahibləri də anbarları bağlayır və yemək şeylərini gizlədirdi. Xüsusən ərzaq şeylərinin əksəri çar təbəələri və çar himayəsində olanların əllərində olduğu üçün onlar süni olaraq qıtlıq və bahalıq yaradırdılar. Onlardan bir çoxları da Təbrizdən köçüb getmişdi. Təbriz inqilab Komitəsi Təbrizə gələn başıpozuq dəstələrə qarşı müdafiə qüvvələri təşkil etdiyi kimi, bahalıq ilə də mübarizə hazırlığını görürdü. Mən və Ələkbər yoldaş bu barədə düşünürdük. Məşədi Kazım ağa isə əllərini qoynuna qoyub oğlu ölmüş adamlar kimi ah çəkir və düşünürdü. Mən onun nə üçün düşündüyünü bilirdim, o öz malının və anbarlarının qarət olunacağından qorxurdu. Mən onu sakit etmək üçün soruşdum: – Nə üçün belə kədərlisiniz? – Elə belə də... – Necə yəni «elə belə dəs? Bu kədərin bir səbəbi ola bilməzmi? – Siz özünüz bilirsiniz ki, biz inqilabçıyıq, bəs niyə düşünməyək? – Hərgah inqilab üçün düşünürsünüzsə, bir kərə mənim canıma and için! – Bu olmadı kıl İnqilabçı inqilabçıya inanmayanda bəs kimə inanacaqdır? – İndi siz mənə inanırsınızmı? – İnqilabın canı üçün, sizə iki gözümə inanan kimi inanıram. – İndi ki, mənə inanırsınız, mən də sizə deyirəm ki, heç fikir etməyin: osmanlıların Təbrizə girməsindən sizin bir şahınızın da başı ağrımayacaqdır. Məşədi Kazım ağa əlindəki müştüyü uzadıb boynunun dalısını qaşıdı və üzümə tərəddüdlü adamlar kimi baxıb dedi: – Hərgah, doğrudan da, belədirsə, niyə də inanmayım? – Sizin oğlanlarınızın canına and içirəm. – Qoy inqilaba bir şey olmasın. Bütün varım-dövlətim sizin və Nina bacının bir tükünə qurbandır... Onlar da ki, belə qalır. – Nələr belə qalır? – Onlar da... – Onların adları yoxdurmu? Məşədi Kazım ağa bir mənə, bir də Ələkbər yoldaşa baxıb durdu. O mənə demək istədiyi sözü Ələkbər yoldaşın yanında demək istəmirdi. Nəhayət, mən: – Danışın, Ələkbər yoldaşdan sözünüzü gizlətməyinl – dedikdə o: – Erməni məhəlləsindəki arvad da öz qızları ilə köçüb getmək istəyir. Bilmirəm heç necə olsun? – Siz bunu haradan bildiniz? – Dünən bir məktub göndərmişdilər. – Bəs nə üçün cavab vermədiniz? – Sizinlə danışmaq istəyirdim. – Eybi yoxdur. Mən bir saat sonra €Ermənistanpda çağırdığımız iclasa gedəcəyəm, orada erməni xalqının «özünü müdafiə dəstəsiə düzəltmək üçün ümumi müşavirə çağırmışıq, onların vəziyyəti ilə da tanış olaram. Məşədi Kazım ağa durub gedərkən mən: – Qorxmayın, gedib hücrəni açıb oturun, – dedim. – Hücrədə nə vardır ki? – Sizə indiyə qədər verdiyim məsləhətlərdən zərər çəkməmisiniz ki? -— Xeyr, Allah inqilabı mənə, səni də inqilaba çox görməsin! – Bilirəm, indi elə bir vaxtdır ki, mal alan olmaz. – Mal alan hardaydı? Oturursan, gündə yüz nəfər gəlib mal təklif edir, özü də yarı qiymətinə. – Bəs nə üçün almırsınız? – Necə alım? Xeyri olsaydı xalq öz malını nə üçün satırdı? – Çar təbəələri mallarını satırmı? – Onlar da satır, amerikalılar da, fransızlar da satır. Amma nəqd pula satırlar. – Sizin nəqd pulunuz yoxdurmu? Məşədi Kazım ağa sözümün cavabını yubandırdı, bir az o yanbu yana burulduqdan sonra: – Nə üçün... inqilabın dövlətindən beş-altı tümənimiz tapılar, dedikdə, mən: – Qorxma, get nə mal varsa al, Təbriz qarət edilməyəcəkdir. ancaq bu sözü başqalarına demə! – Nə buyurursan, ağa?1 Mən inqilabçıyam, başımı verərəm, sir. rimi vermərəm. Məşədi Kazım getdi, mən də faytonu qoşdurub 4Ermənistanpa yola düşdüm. Faytonu Timuryanın qapısında saxlatdırdım və Yelena Konstantinovnanın qızlarının halını soruşmaq üçün içəri girdim. Mən içəri girdiyim zaman onlar da evlərində az miqdarda olan şeylərini bağlayıb üstündə oturmuşdular, kimi isə gözləyirdilər. Salam verib boş bir stolun üstündə oturdum və: – Bu nə hazırlıqdır? – deyə soruşdum. Ksenya kədərindənmi, yaxud məni gördüyü üçün şadlığındanmı ağladığı üçün danışa bilmədi. Lakin onun anası Yelena: – Sizə çox zəhmət verdik, - dedi, – siz bizi təmin etmək üçün əlinizdən gələn qədər yaxşılıq etdiniz. Lakin iqbalın qarğıdığı bir adamı xoşbəxt etmək mümkün deyil. Özümüzü yavaş-yavaş düzəldirdik, burada səkkiz nəfər erməni uşağına dərs verirdik, ayda iyirmi beş tümən bizi dolandırırdı, özüm də maşın tapmışdım, paltar tikəcəkdim. Lakin osmanlıların Təbrizə gəlməsi bizim yaşamağımıza imkan vermədi. Xalq köçür, biz də köçmək istəyirik. Lakin nə nəqliyyat tapırıq, nə də hərəkət etmək üçün pulumuz vardır. Qadın bunu deyib susdu, Ksenya ağlamasını gizlətməyə çalışırdı. Silva ayaq üstündə donub durmuşdu. Mən əvvəlcə bunlara para verib, nəqliyyat tapdırıb Təbrizdən köçürməyi düşünürdüm, sonra isə «bu üç nəfər sahibsiz qız və qadın qışın vaxtında hara gedə bilərlər?) – deyə əvvəlki fikrimdən daşındım. – Getmək lazım deyil! – dedim. – İqbal sizin üzünüzə gülməsəydi mənimlə tanış olmaz və mənə təsadüf etməzdiniz. Köçməyin, rahat oturun. Sizin burada tükünüzü də dəbərdən olmaz. Siz sahibsiz deyilsiniz! Mən bu evdən çıxmamış siz şeylərinizi açıb düzəltməlisiniz. Burada yalnız siz deyilsiniz, erməni məhləsində minlərlə sizin kimi adam var. Heç bir sıxıntı çəkməyin. Hərgah sizi tapşırdığım adamlar lazımınca təmin etmirsə, onu mənə xəbər verin! Ksenya dedi: – Lazımınca təmin edirlər. Lakin biz bunu istəmirik, çünki bu qədər yaxşılığın əvəzini verə bilməyəcəyik. Mən: – Sizdən əvəz istəyən yoxdur. Bu iş mənim üçün bir məcburi vəzifə deyil, vicdani vəzifədir, – deyərək onları razı saldım, onlar da durub mənim yanımda şeylərini açıb evi döşəməyə başladılar. Mən yenə də görüşlərinə gələcəyimi vəd edərək ayrıldım. * * * Hacı Səməd xanın müharibə hazırlığı Hacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı. Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu. Savucbulaqda olan düşmən dəstəsinin qüvvəsi mühüm bir qüvvə deyildi, buna görə də Hacı Səməd xanın bu qədər dəyərli bir qüvvə gətirməsi nəticəsində Savucbulaqda həyəcan başlanmışdı. Tütünçüoğlu göndərdiyi məktubda Savucbulağın həyatını təsvir edərək yazırdı. €Yerli xalq Savucbulağı işğal etmiş dəstənin qələbəsinə inana bilmir, şəhərin hər tərəfində ümidsizlik və həyəcanlar hiss edilir. Gecələr xalq uzun karvanlarla şəhərdən köçüb gedir, şəhərdə bir nəfər də olsa varlı və tacir qalmamışdır. Onlar öz ailələrini və öz sərvətlərini toxunulmaz yerlərə göndərmişdir, şəhərdə yalnız əlsizayaqsızlar və yoxsullar qalmışdır. Bizim öyrəndiyimizə görə, Hacı Mirzağa və Hüseyn Fişəngçinin bütün ümidi Təbriz xalqınadır. Onun zənninə görə, bu dəstə Təbriz altında görünən kimi Təbriz xalqı rusların əleyhinə ümumi qiyama başlayacaqdır. Onların İran mücahidləri arasında yaydıqları müraciətnamələrdə də bu fikirlər ifadə olunur. Müraciətnamələrin birisində: «İran mücahidləri, cərgələrinizi düzəldin, qələbə günləri yaxındadırl Təbriz xalqı sizi ürək döyüntüləri ilə gözləyir, onlar sizinlə bərabər çar hökumətinə qarşı qiyam etmək üçün əlində silah sizi gözləyir) – deyə yazırlar. Lakin bu kimi müraciətnamələr ümidsizlik və həyəcanlara qalib gələ bilmir, görünür ki, Təbrizdən ümidverici xəbərlər ala bilmirlər. Bu saatda Hacı Mirzağa Büllurinin Təbrizə məktub aparan qasidləri yola düşdü, onların yanına gizli adamlar qoşmuşam. Adamlarımız onları Təbrizə qədər təqib edib, məktubları kimlərə verdiyini öyrənib sizə xəbər verəcəkdirə. Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçi öz məktublarını demokratlara və siyasi işlərdə iştirak edən şəxsiyyətlərə yox, özləri kimi avantürist və lil suda balıq tutmaq istəyənlərə göndərirdi. Onlar Qaraməlikdə, Sürxabda, Lilabad və Həkimabadda olan məhlə lotuları və avam millətpərəstlər, mövhumatçı və molla qulaqlardan ibarət idi. Biz bunlara qarşı da tədbirlər görmüşük. Bu kimilərin təşkil etdikləri və Savucbulaqdan gələn dəstəyə kömək etmək üçün düzəltdiyi dəstənin nəfərləri yüz faiz bizim adamlarımız idi. Onlar bir hadisə üz verdiyi zaman özlərini tək görəcəklərdi, bunlardan bəzilərini çağırıb, danışdırıb məsələnin həqiqətini anlatmışdıq. Hər halda Təbrizin bu macəraya qoşulmaması məsələsini təmin edə bilmişdik. Bütün Təbriz yaxın günlərdə baş verəcək hadisənin intizarını çəkir, çar konsulu cəbhə vəziyyətindən lazımi xəbərləri əldə edə bilirsə də, Təbrizdəki əhvali-ruhiyyəni öyrənə bilmirdi, o, yerli xalqın gələn dəstəyə qoşulub ruslara hücum edəcəyindən qorxurdü. Bunlara baxmayaraq, konsul hər ehtimala qarşı hazırlıq görürdü, konsulxanadakı lazımlı vəsiqələri bağlatdırıb göndərirdi. Son günlər Ninanın verdiyi xəbərlərə görə, bəzi bağlıları gecələr konsulxana mütərcimi Mirzə Ələkbər xanın evinə göndərirlərmiş. Yek ok Müharibə başlandı. Lakin bütün xalqın heç gözləmədiyi bir halda Hacı Səməd xanın məğlub olmaq xəbəri Təbrizə yayıldı. Osmanlıdan gələn dəstənin komandanı Helmi bəy və siyasi komandan İbrahim Fovzi dəstənin hərbi keyfiyyətini nəzərə alaraq Savucbulaqdan çəkilməyə qərar vermişdi, lakin bu qərar həyata keçmədən əvvəl Hacı Səməd xanın hücumu başlandı, buna görə də Helmi bəy Səməd xanı məşğul etmək üçün bir qədər qüvvə irəli sürməklə, Savucbulağı boşaltmağa başladı. Hacı Səməd xanın on mindən artıq qüvvəsinin qabağını saxlamaq üçün Helmi bəy dörd yüz atlı göndərib ətrafdakı dağ keçidlərini kəsmişdi. Hacı Səməd xan öz yanında bir qədər rus piyadası və iki minə qədər inanılmış İran atlılarından ehtiyat saxlayaraq, qalan qüvvələrini üç hissəyə ayırıb Savucbulaq üstünə hücum əmrini verdi. Mərkəzdən hücum edən qoşuna Məmmədəli şahın qatırçısı və naiblərindən Qoçəli xan Müvəffəqiddövlə komanda edir və sağ cinaha Hacı Səməd xanın fərraşbaşısı Seyid Həsən xan Salar Mükərrəm komanda edirdi: sol cinah isə Hacı İsmayıl xan Əmir Tumanın komandasına tapşırılmışdı. Savucbulaq üzərinə üç tərəfdən şiddətli hücum başlanmışdı, çar dövlətinin atlıları hücum əmrini alan kimi atları mahmızlayıb müstəqim xətt ilə şəhəri götürməyə çalışırdı. Hamıdan qabaq Qoçəli xan Müvəffəqiddövlə sürətli bir surətdə Tatau çayını keçib şəhəri götürmək üzrə idi, lakin ətraf keçidləri tutmuş kürd atlıları Qoçəli xan dəstəsini şəhərin kənarında yaxalayıb şiddətli tüfəng atəşinə başladılar. Müvəffəqiddövlə kürdlərin qızğın tüfəng atəşlərinə baxmayıb, əlində siyirmə qılınc, dİrəli, irəlilə qışqıra-qışqıra atlının qabağında çapırdı. Lakin Müvəffəqiddövlənin ürəyindən dəyən bir güllə onu atdan yıxdı. Müvəffəqiddövlə öldükdən sonra onun atlıları arasında həyəcanlar başladı, bu həyəcan bir məğlubiyyətlə nəticələnməsin deyə Savucbulaq konsulluğuna namizəd olan bir rus zabiti öz atlı dəstəsi ilə hücuma başladı. Hələ kürdlərin səngərlərinə yaxınlaşmadan rus zabitini vuruk atdan saldılar. Qarışıqlıq başlandı. Çardovlu atlısı Müvəffəqiddövlənin ölümünü görürkən Savucbulağa hücum etmək istəmədi, çünki onların kəndləri Savucbulaq hüdudunda olduğu üçün savucbulaqlıların intiqam alacağından qorxurdular. Bunlar Savucbulaq kürdlərinə öz qonşuluq sədaqətlərini göstərmək üçün Savucbulaq ətrafında yerləşmiş dörd yüz nəfər kürdlə birləşərək, öz silahlarını Hacı Səməd xana qarşı çevirdilər və mərkəzi açıq buraxaraq Hacım Səməd xana hücuma keçdilər. Hacı Səməd xanın ehtiyat qüvvəsi düşmənin cəbhəni yardığını zənn edərək, əlində olan bütün hərbi ləvazimatı, topları və cəbbəxananı tökərək pozğun bir halda qaçmağa başladı. Sağ cinah Seyid Həsən xan Salar-Mükərrəm və İnayətissəltənə ilə bərabər kürdlər tərəfindən mühasirəyə alınmışdı. Hacı İsmayıl xan öz qardaşı İnayətissəltənənin təhlükə qarşısında qaldığını görürkən Savucbulağa girməkdə olan Şahsevən atlılarına geriyə qayıtmaq əmrini verdi və sağ cinahı qurtarmaq üçün hücuma keçdi. Helmi bəy və İbrahim Fovzi Hacı Səməd xan ordusunun pozulduğunu gördükdə təzədən Savucbulağa girdi, şəhərdə az bir qüvvə buraxaraq Hacı Səməd xanın pozulmuş dəstələrini təqib etməyə başladı. Konsul cəbhə xəbərlərini gizlədirdi, yerli mətbuatın bu barədə bir söz yazmasına imkan buraxılmırdı, buna baxmayaraq, Hacı Səməd xanın məğlubiyyət xəbəri bir ildırım sürəti ilə hər tərəfdə eşidildi. Rus hərbi dairələri Təbrizi boşaltmaq işini çox ehtiyatlı bir surətdə aparırdı, onlar Təbriz xalqına bu qorxunu bildirməmək və həyəcana imkan verməmək üçün şəhərə atlı dəstələri çıxarmışdılar. Hacı Səməd xan konsulxanaya yazdığı məktubunda: «Cənab general! Əlimizdə olan qüvvəni yersiz tələf etməmək üçün Savucbulaq altında ciddi müharibəyə girişməkdən boyun qaçırdım. Düşmənlə Marağa altında meydan müharibəsinə hazırlaşıramə – deyə təskinlik verirdi. Biz isə bunlara inanmırdıq, çünki Tütünçüoğlunun göndərdiyi məktublar Səməd xanın bir daha qüvvə toplayacağı və osmanlılara qarşı duracağı ümidlərini vermirdi. Biz gündə iki-üç kərə məktub alır və cəbhənin vəziyyətindən xəbər tuturduq. Cəbhədən qayıdan Şahsevən və Xalxal atlıları Savucbulaqdan Miyandab şəhərinə qədər bütün kəndləri və şəhərləri qarət edə-edə çəkilirdi. Miyandab xalqı ailəsini götürüb qaçır və öz malını kürdlərin talanına buraxırdı. Ciqato çayı minlərlə qərq olmuş insan meyitlərini və boğulmuş mal-qara cəmdəklərini axıdıb Urmu gölünə aparırdı. Tütünçüoğlunun yazdığına görə Təbrizə cazadlıqə gətirən bu dəstənin nəfərləri uşaqları beşikdən açıb yerə qoyur və beşiyi ata yükləyib aparırdı. Yazılan məktublarda deyilirdi ki, hər kəsin libası təzədirsə, ittihadi-islamçılar öz paltarlarını ona geyindirib, özü isə onun təzə paltarını geyir. Bu xəbərlər Təbrizdə hər kəsi düşündürürdüsə düşündürsün, hər kəsə nə cür təsir edirdisə etsin, lakin sərdar Rəşid üçün bu xəbərlər bayram xəbərindən daha nəşəli və daha xoş idi, çünki Səməd xanın bu məğlubiyyəti ona qalibiyyət müidəsi verirdi, çünki o bu məğlubiyyətdən sonra Səməd xanın Təbrizdə baş saxlaya bilməyəcəyini bilirdi. Sərdar Rəşid Hacı Səməd xanın bu məğlubiyyəti nəticəsində həmişəlik Azərbaycan əyalətini soya biləcəkdi. Tütünçüoğlunun son məktubunu Marağa şəhərindən aldıq. O, məktubunda yazırdı: «Hacı Səməd xan Marağada yerləşərək əlindəki az qüvvə ilə Helmi bəy dəstəsinin qabağını almağa və onu Təbrizə buraxmamağa çalışır. Hərgah o, qaçmaqda olan qoşunu bir yerə yığa bilsə və yerli xalqın məhəbbətinə istinad etmək imkanını əldə edə bilsəydi, bu başıpozuq dəstənin qabağını saxlamaq çox da çətin deyildi, çünki Marağada hərbi ləvazimat həddindən artıqdır, eyni zamanda Helmi bəy dəstəsinin əlində də heç bir şey yoxdur. Lakin Marağa xalqı Hacı Səməd xanın bütün planlarını pozdu, onlar osmanlıların intiqamından qorxaraq, Marağanı müharibəsiz vermək qərarına gəldi. Bu gecə yerli xalq Hacı Səməd xanı qorxudub qaçırmaq üçün şəhərin kənarında ot anbarlarını yandırıb «kürdlər şəhərə girdi? deyə hər tərəfə səs saldılar, misli görünməmiş bir həyəcan başladı, yatağından dəhşətlə qalxan qoşun böyükləri qışın soyuğuna baxmayaraq, çılpaq atı minib qaçdılar. Topçular səngərlərdə topların açarını çıxarmadan qaçdılar, bir çoxları sərbaza oxşamasın deyə tüfəngini də özü ilə aparmamışdır. Səməd xanın yanında bir neçə nəfər nökərindən başqa kimsə yox idi. Hacı Səməd xan öz ağırlığını apara bilmədiyi kimi əlində olan nəqd paranı da apara bilməmişdir, ordu üçün xərcləyəcəyi bir xurcun rus kağız pulunu qoyub qaçıbdır. Hacı Səməd xan beş-altı il ərzində Təbrizdən hər nə qədər dövlət qarət etmişdisə, hamısını burada qoyub qaçıbdır. Bu saat düşmən atlıları Marağaya girdi, hələlik ərkani-hərb gəlməmişdir, lakin Hacı Mirzağa Bülluri, Hüseyn Fişəngçi buradadır. Hazırda Hacı Səməd xanın evinin qarəti qurtarmışdır, evlərə od vurduqda gizlin əsləhə anbarı partladı, çox qiymətli şeylər tələf oldu. Marağa xalqının bu xidmətinə baxmayaraq, gələnlər yenə də «düşmən şəhəridimə deyib qabağa gələn ev-eşiyi qarət edirlər. Düşmənin Təbrizə gələ bilməsi bir-iki gün çəkər, siz orada hazırlıq görün, hələlik onlar etdikləri qarətləri yerbəyer eləməklə məşğuldurlar. Osmanlıların dilindən eşitdiyimiz ümumi söz, Təbriz dövlətli şəhərdir? sözlərindən ibarətdirə. * * * Çar konsulu Təbrizi tərk edir Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi. Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi. Təbrizdə buraxılan şayiələr çar konsulunun Təbrizi lazımi qədər boşaltmasına imkan vermirdi. Şayiələrə görə Marağadan hücum edən dəstələrdən birisi Sofyan kəndini kəsmək və Təbrizdən qaçanlara imkan verməmək üçün əmr almış idi, buna görə də çar konsulu lazımi vəsiqələri Rusiyaya köçürmək cəsarətini göstərə bilməmişdi, vəsiqələr Mirzə Fətulla xan və sairələrinin evində gizlədilirdi. Təbrizdə min nəfərə qədər rus qoşunu var idi. Lakin çar konsulu buna inana bilmirdi, çünki 11-ci ilin məhərrəm ayındakı yerli üsyan onun gözünü qorxutmuşdu. Biz xalqı bacardıqca qandırmışdıq, xalqın Savucbulaqdan gələn başıpozuq dəstələrə qoşulmaması üçün lazımi hazırlıqlar aparmışdıq. Hətta pul ilə ələ aldığımız mollalar vasitəsilə də izahat kampaniyası aparmışdıq. Lakin bunlara baxmayaraq, bir çox avamlar, mollaqulaqlar da Mirzağa Bülluri və Hüseyn Fişəngçinin təbliğatçılarına qoşulub: «Xəlifə ordusu gəlir, islama nicat verməyə, Təbrizi kafirlərin əlindən qurtarmağa gəlirlərə deyə qara fikirləri və iğtişaş arzularını meydana atırdılar. Kiçik hadisələri böyütməklə qarət yaradan ünsürlər də işə başlamışdı. General-konsul özünə dost hesab etdiyi bir çox iranlılarla bərabər, məni də gecə saat birdə yanına çağırdı. – Sizə də, Nina xanıma da köçüb getməyi məsləhət görürəm. Təbrizə gələn müntəzəm qoşun deyildir. Onlar başıpozuqlardır, ola bilər ki, çar hökumətinə hüsn-rəğbət bəsləyən sizin kimi dinc adamları da qarət etsinlər, buna görə də köçməyiniz lazımdır, – dedikdə mən: – Cənab generalın qeydimizə qaldığına qarşı təşəkkür edirəm. Hər halda Ninanın köçüb getməsi lazımdır, – dedim, – mənə gəldikdə burada qalmağı və xalqı başa salıb bəzi uyğunsuz hərəkətlərdən daşındırmağı lazım bilirəm, çünki buradan köçmək hamıya mümkün olmayacaqdır, burada bəzi müdafiə tədbirləri görmək de lazımdır, biləks böyük bədbəxtlik üz verə bilər. Konsul bizim fikrimizi çox bəyəndi və eyni zamanda: – Təbrizdə qalan çar təbəələrini və çar himayəsində olanlarır ailəsini mümkün olursa mühafizə edin, – deyə tapşırdı. Vidalaşıt çıxdım. Doğrudan da, Ninanı Təbrizdən köçürmək istəyirdim. Təbrizə girən qüvvələrin kimlərdən ibarət olması mənim üçür aydın idi, onlar Təbrizdə qalan rusları başlı-başına buraxmaya «aqdı. Bu nöqteyi-nəzərdən də Ninanı Təbrizdə saxlamaq yarama yacaqdı, o biri tərəfdən də sərdar Rəşidin Nina haqqındakı xalı fikri məni düşündürürdü. O, Təbrizi işğal edən başıpozuq dəstələ rin rəhbərləri ilə uyuşduqdan sonra öz fikrini həyata keçirməyi çalışacaqdı. Lakin bu fikrimi Ninaya nə cür deyə biləcəkdim? Bu barədə çox çətinlik çəkirdim, çünki onun bu kimi təklifi qəbul etməyəcəyini bilirdim. Gecə saat ikinin yarısında evə gəldim, müdafiə təşkilatı rəhbərləri ilə iclas edəcəkdik, onların hamısı yığılıb məni gözləyirdi. Mən Tütünçüoğlunun son məktubunu oxudum və konsulun qaçmağa hazırlaşdığını xəbər verməklə onlara öz qüvvələrinin başında olmasını tapşırdım. €Artıq oturmaq vaxtı deyil. Müdafiə işi heç bir kəsə hiss etdirilməməlidir, yerli hökumət bundan xəbər tutmamalıdır? deyərək tapşırdım. Gecə saat iki tamamda iclası bitirdik. Müdafiə təşkilatı olduqca möhkəm bir təşkilat idi. Onlar şəhərin hər tərəfində yerləşmiş, bütün küçələri tutmuşdular. Lakin heç kəsin əlində silah yox idi. Hər dəstənin silahı özünün tutduğu məhlədə müəyyən evlərdə saxlanılırdı, lazım gəldiyi zaman bir dəqiqənin içərisində minlərlə silahlı adam küçədə görmək mümkün olacaqdı. Gecə saat üçün yarısında evimizdə müdafiə üçün Həsənağa, Şabanağa, Müseyib və on nəfər də başqa yoldaş var idi. Bunlarla bərabər şam yeməyi yeyəcəkdik, Nina və Təhminə xanım süfrə döşü— yürdü. mənsə Ninaya köçmək məsələsini açıb demək barəsində düşünürdüm. Nəhayət, ona bu təklifi yoldaşların yanında etməyi qərara aldım, çünki bu sözümü təklikdə ona demiş olsaydım, o yenə də ağlayacaqdı, lakin yoldaşların yanında onun özünü əla alacağını bilirdim. Buradakılar onun siyasi dəməyində iştirak edənlər idi. Nina bunların yanında ağlamazdı, özünü ələ almağa çalışardı. Bu ümidlə də ona müraciət etdim: – Nina, bilmirəm sən konsulun məsləhət gördüyü işi qəbul edəcəksənmi? – Mən altı ildir ki, buradayam, konsulun məsləhətlərini bir kərə də olsa qəbul etmişəmmi? – Konsul vəziyyəti nəzərə alaraq sənin müvəqqəti olaraq Təbrizdən köçüb getməyini məsləhət görür. – Hərgah birlikdə köçüb getmək mümkün olsaydı, mən heç vaxt etiraz etməzdim, lakin sən təzə iş başlamısan, bilirəm ki, sən onu yarımçıq qoyub Təbrizdən hərəkət etməyəcəksən, mənsə tək çıxıb getməyəcəyəm, qanım burada oturanların qanından qiymətli deyildir. – Nina, vəziyyət çox ağırdır. Sən məni eşit, Məcidi də götürüb müvəqqəti bu hadisələr şəhərindən uzaqlaş, qoy mən sənin rahatlığından əmin olum, qoy düşmənlə asudə mübarizə aparım. Nina çox qəti olaraq dedi: – Mən sənin əl-ayağına dolaşmayacağam, getmək lazımdırsa, gəl, birlikdə gedək, bu da mümkün deyilsə, bu məsələ barəsində artıq danışma! Mən daha danışmadım, süfrə başında pozğunluq yaratmaq istəmədim. Ninanın da məni Təbrizdə buraxıb getməyəcəyini bilirdim, eyni zamanda mən öz qüvvəmizə də inanırdım. Nə sərdar Rəşid, na də xaricdən gələn başıpozuq dəstələri bizə təzyiq göstərə bilməzdi. Rusların başını qarışdırmaq üçün düzələn bu macəranın məqsədi İranın ən zəngin şəhəri sayılan Təbrizin qarət edilməsindən ibarət idi, buna görə də biz hər ehtimala qarşı hazırlaşmışdıq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvənin tərk-silah olunması üçün də hazırlıq görmüşdük. Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçinin mənə qarşı tutduğu vəziyyət aydın idi, məktubda «eybi yoxdur, gəlib Təbrizdə danışarıq) – demələri də bunu göstərirdi. Onlar Təbrizə qalib sifəti ilə girdikləri zaman, birinci növbədə məni və mənim yanımdaklları həbs etməyə çalışacaqdı. Onlar bizim həbsimizə nail olmadan Təbrizdə heç bir işə cəsarət edə bilməzdi. Lakin Savucbulaqdan öz adamlarına yazdıqları və yolda tutulub bizim əlimizə düşən məktublarda: – (Biz hərəkətə xain çıxanları dar ağacına çəkəcəyiklə – de: mişdilər. Konsulxananın qapısında adam qoymuşduq. Hər yarım saatdar bir xəbər alırdıq. Gecə saat dörddə bir nəfərin örtülü avtomobilde gəlib konsulxanaya girdiyi xəbərini gətirdilər. Bunun sərdar Rəşic olduğu bəlli idi. Söz yox ki, çar konsulu ona tapşırıqlar vermə! üçün çağırmışdı. Biz Mahruya tapşırmışdıq ki, sərdar Rəşidin bütün işləri haq: qında bizə məlumat versin. Bütün gün bizim təyin etdiyimiz qadınla: sərdar Rəşidin evinə gedir, Mahrunun yoldaşları kimi onun otağın: girir və Mahrunun bizə yazdığı şifrə məktublarını gətirirdi. Gec: saat ondan sonra bu qadınlar vasitəsilə məktub almaq mümkün olmadığından Mahru bəzi mühüm məlumatları telefon vasitəsilə bizə xəbər verirdi. Telefon zəngi vurdu, çağıran Mahru xanım idi. O, məlumatı çox qısa bir surətdə verdi: Sərdar Rəşidi konsulxanaya çağırdılar. Konsulun örtülü avtomobilində getdi. Bu saat da Marağa şəhərinə iki qasid göndərirlər. O, sərdar Rəşidin Hacı Mirzağa Bülluriyə göndərdiyi təcili məktubu aparır. Qasidlər hələlik buradadır. Sərdar Rəşidin konsulxanadan qayıtmasını gözləyirlər. Mümkünsə məktubları əldə edin, qasidlərin ikisi də kürd libasındadır, lakin özləri kürd deyilə. Biz telefonoqrammanı alandan sonra təcili sürətdə dörd nəfər atlının Yanıq yolu boyunda gəzməsi əmrini verdik, bir nəfər atlı da qasidləri sərdar Rəşidin evindən Yanığa qədər təqib edəcək və yolda öz yoldaşları ilə bərabər məktub aparanları tutacaqdı. Bizim göndərdiyimiz adamlar da kürd paltarında idi, sərdar Rəşidin qasidlərini Hacı Mirzağa Büllurinin gətirdiyi kürdlərin adı ilə soyacaqdı. kx Səhər saat 6-da çay içdiyimiz zaman, sərdar Rəşidin qasidlərini soymaq üçün gedənlər gəldi və sərdar Rəşidin Hacı Mirzağa Bülluriyə yazdığı məktubu gətirdi. Məktubun qısa məzmunu bundan ibarətdi: eNəsriminəllahü və fəthün qərib... Dust – möhtərəm! Əlhəmdülillah öz arzularımıza nail olduq. İslam silahının qələbəsi ilə gözlərimiz işıqlandı, yaxın saatlarda ziyarətinizə nail olduğumuzun bayramını edəcəyik. Bütün dostlarla bərabər Təbriz xalqı xəlifeyi-ruyi-zəminin bayrağına baş əyməyə hazırlanır. İstiqlaliyyətimizə səbəb olan qalib orduya və onun qəhrəman rəhbərlərinə bizim tərəfimizdən salam söyləyin. Hər halda biz gözümüzün işığı olan ordunun rahət olması üçün əlimizdən gələn hazırlığı görməkdəyik. Siz də öz tərəfinizdən bəndəyə məlumat verməlisiniz ki, nə qədər qoşun üçün mənzil hazırlamalıyıq, zabitlər və sahibi-mənsəblərdən ötrü neçə otaq lazımdır. Gələn əsgərlər üçün libas hazır etdirmək istəyirik, nə qədər libas və nə qədər ayaqqabı sifariş verməliyik? Hər halda bunları bilmək lazımdır. Elə olmasın ki, sonra bizim üçün xəcalətlik olsun. Sizin və cənab Kəblə Hüseyn ağanın bəndəyə nisbət hər cür fərmayişiniz olsa, yazıb məlum buyurasınız. Yaxşı olardı ki, başımızı uca edib bəndəxanədə mənzil edəydiniz. Təbrizə nə vaxt varid olacağınız haqqında bəndəyə məlumat verəsiniz ki, camaat istiqbala çıxsın. Əqəllünnasi) sərdar Rəşidə Sərdar Rəşid bu məktubunda Hacı Mirzağa Bülluriyə bir tərəfdən yaltaqlanır, o biri tərəfdən də onların qüvvələrini öyrənib çar konsuluna xəbər vermək istəyirdi. Bunun üçün Hind-Avropa teleqrafxanasına adam göndərib sərdar Rəşid tərəfindən Tiflisə teleqram göndərilib-göndərilməməsini yoxlamağı tapşırdıq. Oradan alınan xəbərlərə görə sərdar Rəşid iki günün içərisində Qafqaz canişininə səkkiz teleqram göndərmişdi, teleqramlar şifrəli teleqramlar olduğu üçün bir şey arılaşılmamışdı. Hacı Mirzağanın dəstəsi Marağanı işğal edincəyə qədər sərdar Rəşidin mənimlə olan əlaqəsində heç bir düşmənçilik hiss edilmirdi. O məni məhv etmək istəsə belə, bunu dostluq və yaxınlıq pərdəsi altında icra etməyə çalışırdı, lakin Marağa alındıqdan və Səməd xar Təbrizdən çəkildikdən, xüsusən çar konsulu köçüb getdikdən sonr: sərdar Rəşid özünü vəziyyətə hakim hesab edərək, bizimlə əlaqə: sini kəsmişdi. Artıq o məni öz gücü, yaxud Təbrizə girən başıpozuc dəstənin komandanı Helmi bəyin vasitəsilə məhv etməyi düşünürdü Bunu Mahrunun son telefonoqrammasından da anlamaq olurdu. O, çar konsulu Təbrizdə ikən Nina məsələsini çox ciddi qoy: bilmirdi, çünki hər halda Nina konsulxanada məsul bir vəzifədə iş ləyirdi”, hazırda isə nə konsulxana vardı, nə də Nina məsul bir xid mətdə idi. Sərdar Rəşid Mahruya acıqlandığı vaxt: – Sən özünü çox da qiymətləndirmə, yaxın günlərdə səndən d: gözəl bir qadın bu evə gələcəkdir, – demişdi. Təbriz adamları və Təbriz bekarları böyük dəstələrlə axıb Təb. rizə gələn qalib ordunun istiqbalına gedirdi. Kəci! qəbiristanı tərəf: lərindəki küçələr, damlar və divarların üstü tamaşaya çıxan camaatla dolu idi. Onlar: – Yaşasın islamın naciləril.. – Yaşasın Ərkan paşa! – Yaşasın Bülluri! ” Yaşasın Kəblə Hüseyn ağa Fişəngçil – deməyə hazırlanır ve şüarları əzbərləyirdilər. Sərdar Rəşidin əmrinə görə gələn dəstələrin qabağına quru meyvələr, yağlı çörək və şəkərçörəklər, cürbəcür dadlı çörəklər də aparılmışdı. Tabaqlar dolusu naz-nemət yollar boyu gələn qoşuna təqdim olunurdu. Təbrizə gələn qoşunun miqdarı min nəfərdən artıq deyildi, libasların, silahların müxtəlif olması gələn qoşunun başıpozuq olduğunu və müntəzəm olmadığını göstərirdi. Təbrizə gətirilən toplar Səməd ağa ordusundan alınan qənimətlər idi. Dəstənin özünə məxsus silahları, qatırlara yüklənmiş bir neçə dağ topu, bir neçə də pulemyotdan ibarət idi. İstiqbala gedənlərin bir çoxu bu dəstədən heç bir xeyir görməyəcəyini anlayırdı. Mollaqulaqların qaşqabağı aşağı idi, bu dəstənin Təbrizə nicat verəcəyini düşünənlər öz səhvlərini başa düşürdülər. €Yaşasın» səsləri də çox sönük çıxırdı. Mən Acudan qapısında durub bu «istiqbal təntənəsinə? tamaşa edirdim. Yanımda duran bir nəfər də tez-tez €Yaşasın, yaşasınlb deyirdi. Lakin onun kim üçün yaşasın dediyi məlum deyildi. Mən ona sual verdim: – Siz kimin üçün yaşasın deyirsiniz? O mənim üzümə baxıb güldü və: – Hələ məlum deyil! – dedi. Qoşun keçdikdən çox sonra qoşun komandanı Helmi bəy və siyası komandan Fovzi bəy öz qərargahi ilə gəlib keçdi. Çox dalda Kəblə Hüseyn Fişəngçi ilə Mirzağa Bülluri köhnə bir faytonda gəlirdilər. Mən öz faytonumuzu irəli sürüb onlarla görüşüb öpüşdüm, sonra da onlar köhnə faytonda şəhərə girməsin deyə öz faytonumu onlara təqdim etdim: özüm də onlarla bərabər oturub şəhərə qayıtdım. Hacı Mirzağanın birinci sualı bundan ibarət oldu: – Çar konsulu qaçdımı? – Bəli, qaçdı! – Rus təbəələri də getdimi? – Gedənlər də var, qalanlar da. – Himayədə olanlardamı getdi? – Yaxşı xəbərim yoxdur. Məncə, gedən azdır. – Biz belə düşünməmişdik. – Necə düşünürdünüz? – Biz elə fikir edirdik ki, biz Savucbulağı götürən kimi siz Təbrizdə üsyan edib çar konsulunu və Təbrizdəki rus qoşununu əsir götürəcəksiniz. Lakin bu iş mümkün olduğu halda siz buna əhəmiyyət verməmisiniz. – 11-ci ildə Əmir Heşmət üsyanı məsələsi müzakirə olunduğu vaxt hazır idinizmi? – Bəli, hazır idik! – Mən həmin axırıncı iclasda da üsyanın tərəfdarı deyildim, lakin mənim təklifim səsə qoyulduğu vaxt əksəriyyət qazanmadım. Doğrudur, o üsyanda qələbə çaldıq, qazandıq, lakin sonunda zərərimiz qazancımızdan artıq oldu. Təbriz yoxsulları, Təbriz inqilabçıları bir neçə günün içərisində rəhbərsiz qaldılar, biz rusların intiqam çıxışlarına qarşı boynumuzu əyib dar ağacının sabunlanmış kəndirlərinə keçirdik. Əziz yoldaş, qəlbin sınmasın, indi sən özün düşün, sənin arxalandığın bu qüvvə ilə çar hökumətinin qabağında dura biləcəyikmi? Yenə də bu hərəkətin nəticəsi bir təhlükə deyildirmi? Məgər siz bilmirsinizmi bu qüvvə ilə böyük bir hökumətin qabağına çıxmaq sadəlikdir? Bu cür böyük bir məsuliyyətin altına girmək mümkündürmü? Mirzağa Bülluri bir az düşündükdən sonra cavab verdi: – Xalqımız cİrandostə və millətpərəst bir xalqdır, onların ruhun: təkan vermək lazımdır. Biz öz gətirdiyimiz qüvvənin dəyərli bi qüvvə olmadığına inanırıq. Bizim istinad etdiyimiz qüvvə daxildək qüvvədir, ellər, əşirətlər, istiqlaliyyət tərəfdarı olan bütün xanla bizim arxamızdadır. Səsimizə bütün İran səs verəcəkdir. Mən siz: söz verirəm ki, on günün içərisində Təbrizə əlli min atlı yığılacaqdır Ağa, biz yalnız Təbriz məsələsini yox, bütün İran, bəlkə, Qafqa: məsələsini qoymuşuq. Bu söz Ərkan paşanın dilindən eşitdiyim söz lərdir ki, sizə ərz edirəm. Mən sizə təəccüb edirəm, sizin bu hərəkata soyuqqanlı baxmağınıza heç bir məna verə bilmirəm. Halbuk siz İranın azadlığı uğrunda hamıdan artıq çalışmışsınız. Təbrizə yetişdik, mən öz fikrimi Bülluriyə deməli idim, buna görə də ona uzun danışmaq imkanı verməyib sözə başladım: – Siz məni çox gözəl tanıyırsınız, mən daim İranın istiqlaliyyətini müdafiə edənlərdənəm, lakin mən bu sözlərimi Səttar xana dediyim kimi, sizə də deyirəm: xalqın yalnız milli ruhunu oyandırmaqla qalib gəlmək olmaz! Kəndlilərin və yoxsul şəhərlilərin, kargərlərin və kəsəbələrin inqilabi ruhunu oyandırmaq lazımdır! Bu gələn qüvvənin məsələsinə gəlincə, demək lazımdır ki, bunlar İrana istiqlaliyyət verə bilməz, çünki bunları İrana göndərən ölkənin özü də müstəqil deyildir, onların özü də buyruq quludur. Onları göndərən özü də oğlanlarını və öz vətənini alman kapitalistlərinin mənafeyi uğrunda qurban verənlərdir. Mən öz dostlarımızın və vaxtilə bizimlə silah yoldaşlığı edənlərin kor-koranə osmanlı və alman macərasına qoşulmasına razı deyiləm. Biz alman mənafeyi uğrunda yox, İran kəndlisi, İran yoxsulları uğrunda qurban verməliyik! Nəticəsiz təşəbbüs və qələbəsi qabaqdan hiss edilməyən işlərə qoşulmaq sadəlövhlükdür. Siz kimin qarşısına nə kimi bir qüvvətlə çıxdığınızı bir daha təsəvvürə gətiriniz, xalq qüvvətinə istinad etmək üçün əsas və zəmin lazımdır. Yaxşı baxın, kimdir sizi istiqbal edənlər?) Bekarlar, dilənçilər, sahibsiz qadınlar, küçə uşaqları və sairələri. Sən özün düşün, bunlara istinad etmək mümkündürmü? Əziz dostum, hərgah bu gün ruslar qüvvətləri az olduğu və daxili üsyandan qorxduqları üçün çəkilib getmişlərsə, bir neçə gündən sonra böyük bir qüvvətlə Təbrizə qayıdacaqlar. Mən nə qədər dedimsə, o yenə də öz xətt-hərəkətlərinin doğru olduğunu və sərdar Rəşidin bu hərəkata hüsn-rəğbət bəslədiyini təkrar etdi və mənə belə bir sual verdi: – İndi fikrin nədir? Sən bu hərəkata kömək edəcəksənmi? – Mən ancaq Təbriz xalqına kömək edəcəyəm. – Necə yəni Təbriz xalqına? – Məgər siz Təbriz xalqına kömək etməyin tərəfdarı deyilsinizmi? – Əlbəttə ki, Təbriz xalqının tərəfdarıyıq, hərgah tərəfdar olmasaydıq, aylar uzunu zəhmət çəkib bu qədər böyük bir hərəkatı təşkil etmək istərdikmi? – Çox gözəl, indi ki, məqsədiniz İranın istiqlaliyyətidir, indi ki, məqsədiniz Təbriz xalqına kömək etməkdir, o zaman sizə kiçik bir məsləhət görmək istərdim. – Nə kimi məsləhət? – Ayıq olun ki, gətirdiyiniz əsgərlər Təbrizdə özlərini yaxşı aparsınlar. Sizin nicatınız yerli xalqla gözəl rəftar etməkdə və onların məhəbbətini qazanmaqdadır. Hərgah onlar Miyandab, Savucbulaq, Marağa şəhərlərindəki kimi rəftar edərlərsə, o zaman biz onların Təbrizdən getmələri üçün təcili tələbat verəcəyik. Bu sözümdə Hacı Mirzağa Bülluri özünü düzəltdi və üzümə şübhəli bir nəzər ataraq soruşdu: – Bir hökumətin ordusunamı tələbat verəcəksiniz? – Məgər sən bizim bir hökumətə yox, Səttar xan vaxtında iki hökumətə qarşı durduğumuzu bilmirsənmi? – İndi bu saatda sənin əlində belə qüvvənin olduğuna inanmıram. – Sizin bəlanız da burasındadır ki, xalq qüvvəsini tanımırsınız, kütlə ilə əlaqəniz yoxdur, öz qabağınızdan kənarda nə varsa bilmirsinizl Bu gün sənin başında gələnlər təbrizlinin malına, irz-namüsuna əl uzadarsa, mən bir günün içərisində bütün Təbrizi öz ətrafımda səfərbərliyə ala bilərəm. Sən mənim təşkilatçılığıma inanırsanmı? – İnanıram, lakin mən ümid edirəm ki, sənin bu təşəbbüsünə lüzum görülməyəcəkdir, Təbrizə gələn dəstə namuslu və müntəzəm bir ordunun hissəsidir. – Etiraz etmirəm. Hərgah sən dediyin kimi olarsa, biz sizir nə nəfinizə, nə də zərərinizə olaraq hərəkət etməyəcəyik. Dedi. yinin əksinə bir hərəkət görsək qətiyyən tamaşaçı qala bilməyə cəyik. Mirzağa Bülluri bir kərə ah çəkərək: – Məsələ aydındır, - dedi. * * * Qarət başlandı Təbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi. Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi. Səhər saat 11 idi, adətimiz üzrə çayı içib Məşədi Kazım ağa ilə bərabər hücrəyə getməyə hazırlaşırdıq. Qapını döydülər, qapının yanında duran mühafizəçi dörd nəfər ckürdəpün gəldiyini xəbər verdi, onlar həyətə girdilər. Məşədi Kazım ağa bunları gördükdə: – Bunların üçü, doğrudan da, kürddür, dördüncüsü Camdaroğlu Rəcəbdir. Hacı Mirzağa Büllurinin köhnə hücrə şagirdidir, – dedikdə. mən bunların Hacı Mirzağa Büllurinin əmri ilə gəldiklərini yəqin etdim. Onlar həyətə girən kimi tövləni soruşdular. Hüseynəli əmi qorxa-qorxa tövləni nişan verdi, onlar heç kəsə müraciət etmədən tövləni açıb fayton atlarını eşiyə çəkdilər, öz aralarında atları təriflədilər və sonra çəkib aparmaq istədikdə, Məşədi Kazım ağanın faytonçusu atların cilovunu onların əlindən almaq istədi, onlar qamçını çəkib faytonçunu vurmaq istərkən həyətdəki mühafizəçilər tökülüb atları onların əlindən aldılar. Kürdlər məsələnin ciddi şəkil aldığını gördükdə əllərini silaha atdılar. Mən bu vəziyyəti görürkən kürdləri tərk-silah etdirib həyətdən dışarı qovdurdum. İşin böyüməsi şübhəsiz idi, bunu nə Helmi bəy, nə də Hacı Mirzağa Bülluri bizə bağışlamayacaqdı, onlar silahları almaq və bizi həbsə aldırmaq üçün qüvvə göndərəcəkdi. Məşədi Kazım ağa özünü itirmişdi, onun bu həyəcanı Ninanı və özünün ailəsini də qorxudurdu, onun gəlinləri Sənubər və Töhfə xanımlar da Ninanın ətrafına toplanıb ağlayır və titrəyirdilər. Bir kərə Məşədi Kazım ağaya qışqırıb: – Özünü ələ al! – dedikdə o özünü yığışdırdı. Otağa girdim. Onlar məndən həyəcanlarını gizlətdilər, mən əvvəlcə Ninaya nəsihət verdim: – Biz bundan da çətin günlər görmüşük, yenə də özümüzü itirməmişik. Nina titrək bir səslə cavab verdi: – O zaman düşməni şəhərə buraxmamışdıq, indi isə düşmən şəhərin içərisindədir. O bizimlə öz bildiyi kimi rəftar edəcəkdir. – Biz də onlarla öz bildiyimiz kimi rəftar edəcəyik, qorxmaq lazım deyil! – Sonra da Məşədi Kazım ağanı içəri çağırıb qəlbini ələ almaq istədim və xidmətçiyə: – Məşədi üçün bir qəlyan gətirin! dedim. Onun qismən kefi açıldı. Oturub qəlyan çəkməyə başladı, özüm də bir stəkan çay içdim. Lakin Ninanın həyəcanı artırdı. O mənə müraciətlə: – Qoyun hər nə istəyirlər aparsınlar. İki at nədir ki, onun üçün ixtilaf çıxardınız, – dedi. – Rica edirəm ixtilaf çıxarma, onlar səni məhv edərlər. – Nina, məsələ iki at məsələsi deyildir, at ixtilaf çıxarmaq üçün onların əlində bəhanədir, o böyük bir ixtilafın zəminəsidir. Qapı vuruldu, həyətdə ixtilaf çıxarmamaq və ailəni qorxutmamaq üçün məsələni küçədə həll etmək istədim, buna görə də özüm durub qapıya getdim. Qapını döyən bir nəfər türk zabiti, beş nəfər əsgər, iki nəfər də tərk-silah etdiyimiz kürd idi. Mən qapını açan kimi kürd məni zabitə göstərib: – Budur, - dedi. Zabit məni ayağımdan başıma qədər yoxlayandan sonra çox acıqlı: – Oğlan, karata hərif, əcəmliyini göstərdinmi? Sənmi məhəmmədcikləril tərk-silah etmək cəsarətində bulundun? O məndən cavab gözləyirdi, mən heç də tərəddüd etmədən: – Karata hərif dediyin söz öz adınız və familiyanızdır, məhəmmədcikləri tərk-silah etmək məsələsinə gəldikdə, biz danışarıq, dörd nəfər ədəbsizi, qarətçini tərk-silah etmişik. Zabit mənim ona bir «əcəmə kimi yox, öz hüququnu müdafiəyə qalxan bir insan kimi cavab verdiyimi görüncə: – Oğlan, evində konsulxanada çalışan gavuru saxladığın yetmədimi, xəlifə ordusu nəfərlərinə də təcavüz etdin?l – dedikdən sonra yanındakılara qışqırdı: – Haydı, alın bu hərifi! Tez! O gavur qızını da Ərkan paşanın yanına götürün! İki nəfər əsgər mənim qollarımdan tutmaq istədikdə üç nəfər də içəri soxulub Ninanı çəkib aparmaq üçün həyətə girdi. Bu vaxt bizimkilər onları tamamilə mühasirəyə alıb tərk-silah etdi, mən zabitin qılınc və tapançasını özünə qaytarıb dedim: – Get, bir də belə ədəbsizlik etmə! Siz Təbrizə nicat vermək üçün gəldiyinizi söyləmişdiniz, sözünüzün üstündə də durun, get bunu Ərkan paşaya və sizi bura göndərənlərə də xəbər ver! Zabit heç bir söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi. Evin ətrafında və küçələrdə lazımi qədər silahlı adamlarımız gəzirdi, evə bir hadisə üz verməyəcəyindən əmin idim, çünki Mirzağa və Helmi bəy artıq bizim sərəncamımızda kifayət qədər silahlı qüvvə olduğunu bilmişdi, mən faytonçuya müraciətlə: – Faytonu qoş! – dedim, – hücrəyə getməliyik, evdə qalmağın heç də lüzumu yoxdur. – Bəs evdəkilər? – deyə Məşədi Kazım ağa soruşdu. – Bəlkə, onlar qoşun gətirib evi basmağa gəldilər? – Onlar bunu bacarmaz. Bizim silahlı qüvvəmiz müntəzəmdir, mütəşəkkildir, dəstəmizdə Təbriz inqilabında imtahan vermiş adamlar çoxdur. Xalq da bizim arxamızdadır. Biz Helmi bəy və İbrahim Fovzinin özlərinə hiss etdirmədən, onların yaşadığı binaları və ərkan-hərbin yerləşdiyi otaqları, habelə qoşunun yerləşdiyi yerləri mühasirəyə almışıq, hərgah on nəfərdən artıq adam şəhərə çıxmaq istəsə, dərhal bizim adamlar tərəfindən tərk-silah olunacaqdır. Sən qorxma, hərgah biz istəsək bu günün özündə onları döyüb şəhərdən çıxara bilərik. Məşədi Kazım ağa cürətləndi, faytona oturub hücrəyə gəldik. Bizim evdə baş verən hadisədən sonra hər kəs qaçıb evinə soxulmuşdu, küçələrdə çox az adam görünürdü. Hücrəni açıb oturduq, bir nəfər də olsa qapını açıb içəri girmədi, ancaq Quluzadə gəlib sərdar Rəşidin ərkan-hərbə və Helmi bəyin mənzilinə getdiyini, Mirzağa və Kəblə Hüseyn Fişəngçinin də faytonla ora gəldiklərini və sərdar Rəşidin qapısındakıların bizim həyətdə baş vermiş hadisələr haqqında söhbət etdiklərini xəbər verdi. Saat 4-də faytonçu gəlib bizi evə aparmaq istədikdə Məşədi Kazim tələsik ona sual verdi: – Gədə, evə gələn olmadı ki? – Xeyr, heç kəs gəlmədi, o gedən qardaşlardır ki, getdilər. Biz hələ faytona oturmamışdıq, bir nəfər uşaq mənə yanaşaraq bir məktub uzatdı. Mən məktuba baxmadan məktub gətirən uşağa diqqətlə baxdım, onu tanıdım, o, vaxtı ilə amerikalı miss Hannanın yanında xidmət edən təbrizli uşaq idi. Bundan sonra məktubun üstünü oxudum, xətt miss Hannanın xətti idi. «Mənim dostum, öz evimdəyəm, axşam saat doqquzda yolunu gözləyəcəyəm. Miss Hannaə. Amerikalı qızın məktubunu cibimə qoyub faytona oturdum. €O nə üçün Təbrizə gəlmişdir? – deyə öz-özümə sual verdim. – Əcəba rusların həmişəlik olaraq Təbrizdən getdiklərinimi hiss edərək, bu qarğaşalı şəhərə qayıtdı?1 Bəlkə də, onu almanlar yenə də öz əski casusluq vəzifəsinə qaytarmışdır? Yaxud o, fürsətdən istifadə edərək Təbrizdə buraxdığı şeylərini aparmağa gəlib?) Mən öz-özümə bu sualları verdikdən sonra xəyalıma belə bir cava» gəldi: «Bəlkə də, qız Kürdüstanda, Anadoluda yaşaya bilməmiş və mənim dostluğuma istinad edərək Təbrizə qayıtmaq istəmişdimə. Evə gəldik, hər kəs yaslı adam kimi bir tərəfdə qısılıb oturmuşdu, cınqırını çəkən yox idi, Nina da bir tərəfdə başını əlləri arasına alıb oturmuşdu. Ən qabaqca Məşədi Kazım ağa danışdı. O bizim böyük bir qüvvətə malik olduğumuzu bildikdən sonra qəhrəmanlaşmışdı. O, Ninanın yanına gəlib onun saçlarını sığallayaraq dedi: – Nədən qorxursan, Nina xanım?1 Qorxma, hələ Məşədi Kazım ölməmişdir! Biz bu papağı başımıza isti-soyuqdan ötrü qoymamışıq, sizin başınızdan bir tük əskik olsa, Təbrizi dağıdaram! Məşədi Kazımın xoruzlanmasından ən əvvəl arvadı, gəlinləri, sonra da Nina güldü, çünki onun qorxaqlığını hamı bilirdi. Ninanın dili açıldı, o da danışaraq məni tənqid etdi: – Yüz kərə sənə dedim ki, gəl buradan gedək, qulaq asmadın. De görüm axı bizim burada nə işimiz var idi? Biz bütün ömrümüzü İrandamı keçirməliyik? Hərgah müharibəni sevirdinsə, Rusiyada çar hökumətinə qarşı mübarizə aparanlara qoşula bilməzdinmi? Məşədi Kazım ağa arada ixtilaf çıxacağından qorxurdu, o aralığa başqa söhbət atmağa çalışırdı. – Həyətə girmək istəyən kürdləri özüm tutub baş-başa vurmaq istəyirdim. Amma Həsənağa qoçaq mənə macal vermədi, – dedikdə yenə də evdəkilər güldü. Həsənağa isə: – Mən bu fikrin sizin ürəyinizdən olduğunu o saatda hiss etdim, hətta bu fikrin sizdə olduğunu əllərinizin və bütün bədəninizin titrəməsi də göstərirdi, nə edəydim, bu fikir məndə də var idi, bunun üçün də sizə macal vermədim. Bu sözə Həsənağanın bacıları və onların ərləri daha artıq güldülər. Ninanın rəngi dəyişdi, o, bütün ailənin bir yerə yığıldığını gördüyü üçün də özündəki həyəcanları unutdu. Mən onun sakit olduğunu görəndən sonra: – Mənim qorxmaz və yorulmaz dostum! – dedim. - Burada aparılan mübarizə daha mühüm bir mübarizədir. Bizim Rusiyadakı Beşinci il inqilabı bütün Asiyada bir inqilab hərəkatı yaratmışdır, biz həmin inqilabın böyüməsi və kütlələrin öz istismarçılarına qarşı qaldırılması uğrunda başladığımız mübarizəni davam etdirməliyik. Mənə cavab ver! İşi yarımçıq qoyub getmək yarardımı? Nina çox fikirdən sonra yavaşdan dedi: – Xeyr, yaramazdıl Məşədi Kazım ağanın böyük salonunda əlli nəfər üçün nahar süfrəsi açılmışdı. Camaat hələ süfrə başına getmədən qapı vuruldu. Tütünçüoğlu qapıya getdi, bir azdan qayıdıb yenə də bir nəfər zabitlə dörd nəfər əsgərin gəldiyini, Helmi bəydən məktub gətirdiklərini və məktubu şəxsən mənim özümə vermək istədiklərini söylədi. İçəri girmələrinə icazə verdim. Azdan sonra gələn əsgərlər həyətdə durdu, zabit əlində məktub otağa girdi. O, hərbi vəziyyət alaraq, əlini qulağına qaldırdı, ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı və: – Komandan paşa həzrətləri göndərmişdir! – deyərək, dönüb getdi. Məktubun məzmunu vaxtilə Mirzağa Büllurinin mənə dediyi sözlərin məzmunundan ibarət idi. Onların heç bir şey fikrində deyildi, ancaq Təbrizdə azad hərəkət imkanı əldə etməyə çalışırdılar. Məktubda buna dair uzun cümlələr var idi. Şübhəsizdir ki, bu məktubu Helmi yox, Mirzağa Bülluri və Hüseyn Fişəngçi yazmışdı. dHörmətli Əbülhəsənbəyl Xəlifeyi-ruyi-zəminin sayiyi-mərhəməti-vayəsi, dini-mübiniislamın təyidati-rəbbaniyyəsi nəticəsində kəndimizin bir ovuc qüvvəti ilə Moskovunl qocaman bir qüvvətini məğlub etdik. Məəltəəssüf, islamın nicat və səadəti üçün kəndi varlığını qurban vermək üçün gələn ordumuz Təbriz islamları tərəfindən bir islam kimi qarşılanmadı, biləks məhəmmədciklərimiz döyüldü və təhqir edildi. Xəlifə ordusu üçün əhalidən nəqliyyat vasitələri toplanıldığı zaman sizin adamlarınız da məhəmmədciklərdən dörd nəfərini döyüb, tərk-silah etmişlər. Bu cinayətdə sizin özünüz də iştirak eləmişsiniz. Bu hadisəni təhqiq etmək üçün gələn mülazim-əvvəl Qədri bəy də məiyyəti ilə bərabər təhqir olunmuş və tərəfinizdən tərk-silah edilmişdir. İslam və ordu şərəfinə toxunan bu namussuzluğu təsviyə etmək üçün cinayətdə iştirak edənləri divani-hərbə vermək qərarını çıxarmışıq. Onları öz əlinizlə tutub hərbi səhra məhkəməsinin ixtiyarına veməyinizi əmr edirəm! Əliniz altında olan silahlı fəsadçı qüvvətləri tərk-silah etmək, silahları isə ordu nümayəndələrinə təslim vermək üçün sizə 24 saat vaxt verirəm. Müəyyən edilən saatlar içərisində yuxarıdakı tələblərə əməl olunmazsa, hərəkətiniz xəlifə ordusuna qarşı təcavüz hesab edildiyi üçün özünüz hərbi səhra məhkəməsi tərəfindən edam ediləcək, əmlakınız müsadirə olunacaqdır. Helmi». Otaqdakılar məktubun məzmunu ilə çox maraqlanırdı, mən onun qısa məzmununu onlara söylədim. Onun bu təhdidləri həyata keçirmək üçün qüvvəsiz olduğunu da əlavə etdim. Helmi bəy Hacı Mirzağa Bülluri tərəfindən özünə verilən vədlərə inanır və Azərbaycan xanlarının bu qüvvəyə qoşulacağını gözləyirdi. Lakin bu xəyal baş tutmayacaqdı. Otaqdakılar qorxu hiss etmədən süfrə başına keçdilər. Ələkbər yoldaş Ninanın bir tərəfində, Məşədi Kazım ağa isə o biri tərəfində oturub danışır, gülür və onu məşğul edirdilər. Süfrə başında oturan əlli nəfərin hər birisi bir cür söhbət edir, başqa bir sərgüzəştdən danışırdı. Yemək bitdi. Hər kəs oturub baxırdı. Mən onlara müraciətlə: – İndi durub gedib rahat olun, mən də Helminin məktubuna cavab yazacağam, – dedikdə hamıdan qabaq Nina ilə Təhminə xanim Məcidlə bərabər qalxıb getdilər, mən də öz yazı otağıma qayıdıb Helminin bir yığın təhdiddən ibarət olan məktubuna cavab yazmaq üçün düşünməyə başladım. Mən öz cavabımda onun təhdidlərinin əsassız və bizə atdığı töhmətlərin uydurma olduğunu göstərməli idim.Bu məktub onlarla bizim aramızda baş verən ixtilafa son qoymalı idi, onlar bir kərə bizim onlara təslim olmayacağımızı bu cavabdan anlamalı idilər. Məktubu yazıb inqilab komitəsinin iclasında müzakirəyə qoydum, yoldaşlar çox razı qaldılar, artırıb əskildəndən sonra Helmi bəyə belə bir cavab göndərdik: eMöhtərəm Helmi bəy! Lütfən göndərdiyiniz məktubu aldım, məktubun məzmununa təəccüb etdim. Zənnimə görə, bu məktub başqasına göndərilməli ikən, bir səhv olaraq, mənə göndərilmişdir, çünki biz heç bir vaxt xəlifə ordusunun qalib gəlməsi üçün maneə törətməmişik. Mən şəxsən hazırkı hadisələrdən çox kənardayam. Bunu Hacı Mirzağa Bülluriyə də birinci gündə demişəm. Mən heç bir firqəyə də mənsub deyiləm, çünki ticarət adamıyam, siyasi işlərlə o qədər tanış deyiləm. Mənim neçə ildən bəri Təbrizdə yaşadığımı və heç bir siyasi işə qarışmadığımı hazırkı Azərbaycan valisi, daha açığı sizin sərəncamınızda olan sərdar Rəşiddən xəbər ala bilərsiniz. Təbriz xalqının sizi lazımınca qəbul və istiqbal etmədiyinə gəldikdə, burada məni töhmətləndirməyə haqlı deyilsiniz. Bu sizin nicat? verməyə gəldiyiniz xalqa qarşı aldığınız fəna hərəkətlərlə əlaqədardır. Hələ siz Təbrizə gəlmədən əvvəl Savucbulaq, Miyanda» və Marağa şəhərlərinin qarət olunması, sizin «nicatə dediyiniz kəlmənin mənasını lazımi qədər Təbriz xalqına izah etdi. İndi bir az da sizin adamlarınızın döyülməsi və tərk-silah edilməsindən danışaq. Sizin adamlarınız bir dövlət ordusunun nəfərləri kimi yox, bir nizami əsgər kimi də yox, dörd nəfər qarətçi və fəsadçı kimi döyülmüşvə tərk-silah edilmişlər, çünki nizami ordu nəfəri heç bir əmrnamə olmadan və əsgəri komisyonun elan etdiyi qərar meydanda olmadan xalqın tövləsinə girib atını, faytonunu çəkib aparmaz. Zabitin təhqir edilməsinə də belə bir mənanı verə bilərsiniz. Evlərdən qadın çəkib aparan və mədəni əsrə yaraşmayan hərəkətlərə imkan verənlər hər kəs olursa-olsun cəzalandırılmalıdır. Biz isə yalnız onları tərk-silah etməklə kifayətlənmişik. Hərgah bu kimi hadisələr davam edərsə, biz həmin «əzanın şəklini dəyişdirəcək, onları başqa cür cəzalandıracağıq. Bizim əlimizin altında olan silahlı fəsadçılarınə tərk-silah edilməsi haqqındakı tələbinizə gəldikdə, aşağıdakı sözləri deməyə məcburam: Bizim əlimizin altında fəsadçı və silahlı qüvvələr yoxdur, hərgah belələri varsa, onlar da fəsadçı deyillər, onlar öz namusunu hər bir uyğunsuz ehtimala qarşı müdafiə etməyə hazır olan yerli xalqdan ibarətdir. Hərgah belələri varsa, onlar uzun illərdən bəri çar istilasına və İran şahının üsuli-idarəsinə qarşı silahlı mübarizə edənlərdir, onlar inqilabçı təbrizlilərdir. Hərgah sizin qaba hərəkətiniz davam edərsə, onlar öz silahını sizə qarşı da çevirə bilər. Xəlifə ordusuna xəyanət barəsində yazdığınız cümlələrə cavab olaraq bunu deyə bilərəm: Siz heç vaxt bu adla müvəffəqiyyət qazana bilməyəcəksiniz, çünki sizin başınızda gələn dəstədə namuslu və mədəni bir ordu siması yoxdur, bunu özünüz də bilirsiniz. Edam məsələsinə gəldikdə, bu təhdid cavaba layiq deyilsə də, yenə bir neçə söz yazmaq istərdim: siz Novça, Savucbulaq, Süleymaniyyə və Kərkük qarətçilərinə arxalanaraq heç vaxt inqilabçı Təbrizi özünüzə təslim etdirə bilməzsiniz! Onların gücü ilə heç bir kəsi də edam etdirə bilməzsiniz. Bir daha təkrar olunmamaq şərti ilə adamlarınızı göndərib tərk-silah olunan kürdlərin silahlarını apara bilərsiniz. Əbülhəsənbəy. 20 dekabr 1914”. Axşam saat 7-də iclas çağırmışdıq. İclasın gündəlik müzakirəsində yalnız bircə məsələ dururdu ki, o da sərdar Rəşidin ikiüzlü siyasət aparması məsələsindən ibarət idi. Sərdar Rəşid Təbrizdə rus təbəəsini və erməniləri qarət etdirmək üçün Helminin və Mirzağa Büllurinin tədbirlərini həyata keçirməyə və Təbriz xalqını da bu xəyanətdə iştirak etdirməyə hazırlanırdı. Bu olduqca böyük bir xəyanət idi. Bunun nəticəsində yenə də Təbriz xalqı çar hökumətinin intiqamı qarşısında qala bilərdi. Buna görə də çağırdığımız iclas sərdar Rəşidə xəbərdarlıq məktubu göndərmək üçün idi. İclas sərdar Rəşidə belə bir məktub göndərməyi qərara aldı: «Azərbaycan valisi sərdar Rəşidə! Cənab vali! Sənin apardığın ikiüzlü siyasət Təbriz xalqının təzə fəlakətlərə düşməsinə səbəb ola bilər. Sənin Təbrizə girən qarətçilərlə olan əlaqən, Təbriz xalqını çar ordusunun intiqamı qarşısında qoya bilər. Bu gündən etibarən sənə xəbərdarlıq edirik: Sən heç bir vaxt İran nümayəndəsi olaraq Təbriz xalqının tərəfindən danışmayacaqsan. Təbriz xalqı ilə qarətçi dəstə arasında əlaqə düzəltmək barəsində heç bir təşəbbüs göstərməyəcəksən. İran hökumətinə məxsus əmlakın və hökumətə aid silahların qarətçi dəstələr əlinə düşməsinə imkan verməyəcəksən. Qarətçi dəstənin ermənilər və rus təbəəsi talanına dair tədbirlərinə kömək göstərməyəcəksən. İran təbəələrinin Rusiya konsulxanasına qarşı mövcud olan bitərəfliyini pozmayacaqsan. Bu göstərişlər yerinə yetirilmədiyi təqdirdə edam ediləcəksənl İnqilab kolmitəsib. kokok Miss Hanna gündüz məktub göndərib məni axşam saat doqquza öz evinə dəvət etmişdi, bununla kifayətlənməyərək o yenə də bir məktub göndərib yazırdı: 4Bu saatda bizə gəlməlisən, çox lazımlı iş vardır. Təxir etmək təhlükəyə səbəb ola bilər. Miss Hannaə. Axşam saat 9-da evdən çıxdım, faytona oturdum, yanımda olan bir çox yoldaşlarla bərabər Ermənistan tərəflərinə yola düşdüm. Erməni məhləsinə hücum etmək üçün Helmi bəyin hazırlığını bilirdim, buna görə də erməni xalqı başçılarına xəbər verib müdafiəyə hazır olmalarını tapşırmışdım. Onların müdafiə tədbirlərini yoxlamaq istəyirdim. Hər tərəfi yoxladıqdan sonra müdafiə hazırlığının kafi olduğunu təyin etdik və Helminin mənə yazdığı məktubu erməni yoldaşlarla oxuduqda Helmi bəyin onlara da bir məktub yazdığı meydana çıxdı. Məktub erməni keşişinə yazılmışdı. «Po» əfəndi! Yarın saat iki radələrində erməni tüccar və erməni əyanları ilə bərabər ərkan-hərb yerləşən binaya tərəf təşrif gətirməlisiniz. Burada erməni xalqının gələcəkdə Təbrizdə yaşaması üçün bəzi aydın olmayan məsələləri həll edəcəyiz. Helmiə. Erməni keşişi bu məktubu aldıqdan sonra erməni tacirləri və erməni əyanlarına məktub göndərib çağırmış və sabah duz-çörəklə Helmi bəyin yanına getməyi qərara almışdı. Mən məktubu oxuyub onlara qaytardım və əlavə olaraq tapşırdım: – Onun yanına getmək lazım deyil. Siz onların yanına gedən kimi sizi həbs edəcək və istədiyini aldıqdan sonra yenə də sizi azad edib-etməyəcəyi şübhəlidir. Hacı Mehdi Kuzəkünaninin başına gətirənləri sizin də başınıza gətirəcəkdir. Getməyin, o sizə heç bir şey edə bilməz. Lazım olduğu zaman müdafiə komitəsi sizə kömək verər. Kiçik iclasda Arşak da danışdı. Arşak öz çıxışında ən mühüm bir məsələni qeyd edərək dedi: – Erməni məhəlləsi özünü müdafiəyə hazırdır, ümumtəbriz müdafiə qüvvəsi ilə sıxı əlaqədədir. Mütaqabil köməklik hər zaman mümkündür, məsələ daşnakların bu işdə iştirak etməsi məsələsidir. Onlar iki yüz nəfərdən ibarət bir silahlı dəstə düzəltmişlər, bizim müdafiə qüvvəmizin vahid təşkilatına da tabe olmaq istəmirlər. Onlar sabah öz silahlı qüvvələrini nümayiş etdirmək istəyirlər. Daşnakların bu hərəkətindən böyük bir fitnənin zəminəsi görünür. Hazırda onlar kilsəyə yığışıb sabahkı çıxışları haqqında müzakirə aparırlar. Mənim aldığım xəbərlərə görə, yerli hökumət də daşnaklara kömək verəcəyini bildirmişdir. Arşak sözünü bitirdi. Mən çox acıqlandım. Arşak cürbəcür adamlar olan bu iclasda daşnaklar barəsindəki bu fikri açmamalı idi. Burada olan tacirlər bir saat keçmədən bu xəbəri daşnakların ştabına xəbər verəcək və bütün planları alt-üst eləyəcəkdi. Arşak özü də səhv etdiyini dərhal hiss elədi və mənə pıçıldayaraq: – Qardaşım, ondan keçibdir. Bu barədə fikrin nədir? İclasda bizim üçün yad sayılan ancaq səkkiz nəfərdir, – dedikdə mən: – Adlarını yaz qoy qabağıma! – dedim. İclas davam edirdi, cürbəcür fikirlər meydana atılmışdı. Lakin bu fikirlərin heç birisi cErmənistanpı gözlədiyi təhlükədən qurtara bilməzdi. İclas bitdi. İclasda iyirmi nəfər adam var idi. Arşak onlardan səkkiz nəfərinin adını yazıb qabağıma qoymuşdu, lakin mən başqalarına da inanmırdım, buna görə də Arşaka dedim: – Burada olanların hamısını bir neçə saatlığa burada saxlamaq lazımdır. Onu bacara bilərsənmi? Arşak heç düşünmədən soruşdu: – Bu sənin üçün lazımdırmı? – Mənim üçün yox, Təbrizdəki ermənilərin nicatı üçün lazımdır. Bu sözdən sonra Arşak iclasdakılara müraciətlə: – Yoldaşlar və ağalardan rica edirəm heç birisi durub getməsinlər, çünki daha başqa məsələlər vardır. Məruzəçi yoldaşlar bir az yubanmışdır. Özünüz bilirsiniz ki, bu gecələr mühüm gecələrdir. Erməni xalqı üçün hər bir zaman qorxu gözlənilir. Zəhmət də olsa, bir neçə saatlığa dözməyiniz lazımdır. İclas Arşakın öz evində idi, iclasdakıları məşğul etmək üçün çay, qəlyan və yemək hazırlanması üçün əmr verdi. Hisedilməz halda orada bir neçə nəfər qarovul qoyub Arşakla bərabər dışarı çıxdım. Birbaşa müdafiə komitəsinin otağına getdik. Komitə üzvlərini bir neçə dəqiqənin içində bir yerə yığdılar, daşnakların sabahkı hərəkətləri haqqındakı xəbərləri müzakirəyə qoyduq. Mən: – Bu saatda biz erməni tacirləri ilə görüşdük. Onların Helmi bəyin yanına getməmələrini tapşırdıq, – dedim. – Onlar buna razı oldular. Lakin məsələ bununla bitmir. Daşnakların məsələsi fitnənin əsas mərkəzini təşkil edir. Müdafiə komitəsi üzvləri də bunu təsdiq etdilər. Bir neçə dəqiqəlik müzakirədən sonra daşnakları kilsədəki iclasda həbsə almaq, kilsədən dışarı buraxmamaq və ştablarını işğal etmək, gecə ikən onların evlərində axtarış edib silahları yığmaq, kilsədə olan rəhbərləri həbs etmək, başqalarını isə evlərinə buraxmağı qərara aldıq. “kk Gecə saat üç idi. Daşnak rəhbərləri tamamilə erməni inqilabçı gəncləri tərəfindən tərk-silah olunaraq həbsə alınmışdı. Daşnak ştabında ələ keçən vəsiqələr içərisində sərdar Rəşidin xəyanətinə dair vəsiqələr də var idi. Gecə saat üç olduğuna baxmayaraq, cErmənistanpdakı ailələrdən heç birisi yatmamışdı, küçələrdə müdafiə komitəsinin təşkil etdiyi silahlı erməni gəncləri və onlara kömək üçün baş müdafiə komitəsindən təyin edilən azərbaycanlı gənclər gəzirdi. Təbrizdə qalan ruslar və sairələr də tamamilə bu məhləyə köçmüşdü. Biz gecə ikən Arşakla bərabər onların mənzillərini nəzərdən keçirdik. Onlar xüsusi evlərdə yox, müxtəlif ailələrdə yerləşdirilmişdi. Mənzilləri yoxladığımız zaman Yelena Konstantinovnanın ailəsini də nəzərdən keçirdik. Onlar da yatmamışdı, evlərinə qonaq verilən bir neçə rus qadını və rus uşaqları ilə bərabər oturub titrəyirdilər. Onlara ürək verib çıxdıq, yoldaşlarla bərabər faytona oturub evə qayıtmaq istərkən amerikalı qızın evinə getmək lazım olduğunu xatırladım. Saat üçdür, indi hara getmək olar? Lakin onun ikinci məktubunda eMühüm bir iş vardırə – deyə yazdığı məni şübhələndirdi, onun evinə getməyi qərara aldım. Amerikalı qızın qapısını vurdum, bir azdan sonra miss Hannanın qoca qulluqçusunun səsi gəldi: – Kimdir qapını vuran? – Mənəm, madam, qapını açın! Kiçik xanımla görüşməyə gəlmişəm. - dedikdə məni tanıdı, qapını açdı, sevindiyindən salamımı ağlaya-ağlaya aldı. Əlini sıxıb kefini xəbər aldım. Yuxarı çıxdıqda miss Hannanın məni balkonda oturub gözlədiyini gördüm. * * * Miss Hanna Miss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı. Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula: – Mən bütün günləri sənin üçün düşünürdüm, - dedi, – bilmirəm sən də mənim üçün düşünür və məni xatırlayırdınmı? – Səni xatırlayırdım, – dedim, – hətta çox təəssüflə xatırlayırdım. Sənin alman-rus intriqasına qoşulduğundan da ürəyim ağrıyırdı, sən heç vaxt öhdənə bu vəzifəni götürməməli idin. Sən gözəl, gənc, munis, məşğuledici, ədəbli və mədəni bir qızsan. Dünyada sənin tanışın, dostun olmaqdan da böyük bir səadət yox idi. Mən səninlə Livarcan yaylasında keçirdiyim günlərin bir dəqiqəsini bütün Almanıyanın zənginliyi ilə dəyişmərəm. Mən sənə səmimi suallar verib, səmimi cavablar aldığım dəqiqələri xatırladıqda özümün o zaman nə qədər xoşbəxt olduğumu düşünürdüm. Lakin sənin getdiyin əyri yollar mənim müsbət xatirələrimin üzərinə bir xətt çəkdi. Hazırda mən səninlə danışan zaman özümü həmin mehriban və səmimi qızın qarşısında yox, mənə boyalı və iki mənalı kəlmələr satan bir alman casusunun qabağında görüb öz-özümə utanıram. Bu sözlərimdən miss Hanna bərk tutuldu və rəngi qızardı, yalvarıcı bir surətdə dedi: – Sizcə, bir alman qızının ana vətəninə göstərdiyi xidmətə casusluq demək caizdirmi? Tutaq ki, mən bir casusam, casusun qəlbində öz istəklisini sevmək duyğusu olmazmı? Casusun qəlbi öz sevgilisi üçün döyünməzmi? Tutaq ki, mən casusam, bu mənim öz vətənim uğrunda öhdəmə götürdüyüm vəzifə deyilmi? – Mən bunun bir vəzifə olduğunu inkar etmirəm, casus qızın sevgisi olduğunu da təsdiq edirəm... Casus qızın qəlbi də öz sevgilisindən ötrü çırpına bilər. Lakin sevgi məsələsi ilə vəzifə məsələsini müqayisə etdiyimiz zaman, görürük ki, sevgi ikinci və bəlkə də, üçüncü dərəcəli məsələlər sırasında qalır, çünki həqiqi bir casus öz vəzifəsini sevgisinə qurban edə bilməz, hələ o casus bir alman qızı olursa, vəzifəsini daha da xmüqəddəsə bilər və onu hər şeydən lazımlı hesab edər, çünki almanlar hər millətdən artıq eqoistdirlər. Miss Hanna başını mənim çiynimə qoyaraq: – Fəlsəfəni burax, mənə inan, sənin bir qırıq tükünü bütün Almaniya ilə dəyişmərəm: yüzlərcə mühüm vəzifələr mənim sənə olan sədaqətlərimi poza bilməz. Mən gərək nə qədər namussuz bir qız olam ki, mənim haqqımda sənin göstərdiyin yaxşılıqları unudam və sənə xəyanət göstərəm. Məni son günlər çar Jandarmının əlindən xilas edən sən olmadınmı? – Doğrudur, mən səni çar fandarmının əlindən xilas etdim, lakin səni İran xalqının mənafeyinə zərbə vurmaq üçün qurtarmamışdım, mən səni İran xalqı əleyhinə düzələn bu son macərada iştirak etmək üçün müdafiə etməmişdim. Sən bu son avantüraya qoşulmamalı idin, bunun üçün də səni görürkən ürəyim ağrıyır və öz-özümə lənət edirəm. Miss Hanna bu sözlərdən təkan yedi və özünü düzəldib soruşdu: – İftira və böhtan deməyi mən buradan gedəndən sonramı öyrəndin? De görüm mən İran xalqı əleyhinə düzəlmiş hansı bir avantürada iştirak etmişəm? Onu mənə göstərə bilərsənmi? Əcəba, mən sənin sevdiyin xalqın düşməniyəmmi? Mən İranın azadlığını məhv etmək istəyən çar hökuməti ilə düşmən deyiləmmi? – Mən sənə bir sual verəcəyəm, buna bir casus kimi yox, bir sevgili dost kimi cavab verməlisən. Sən bilməlisən ki, mənim sənə olan hörmətim dərin bir sevginin məhsuludur. Bu hörmət və bu sevgini nəzərə alaraq mənim sualıma səmimi cavab verməlisən! – Bütün vicdanımla, bütün varlığımla sənə and içirəm, sənin sualına bir dost kimi cavab verəcəyəm. – Mənə de görüm, İran xalqını dünya müharibəsi macərasına cəlb etmək, gələcəkdə onu dünya xəritəsindən silmək deyildirmi? Bu məqsədin həyata keçməsinə çalışanlar xain və avantüraçı deyildirmi? Bu məqsədin həyata keçməsində bilvasitə və bilavasitə iştirak edənlər xain və avantüraçı sayılmırlarmı? Qız başını yerə dikdi, düşünməyə başladı. Onun bütün görünüşü və baxışları özünün bu sualıma cavab verməkdə çətinlik çəkdiyini bildirirdi. Məncə, o öz vicdanı qarşısında öz sevgisi ilə vəzifəsini bir yerə qoyub müqayisə edirdi: qız onların heç birisini rədd edə bilmirdi, çünki bunların hər ikisi onun üçün qiymətli idi. O, çox fikirləşdikdən sonra bir daha başını yuxarı qaldırıb məni ayağımdan başıma qədər gözdən keçirdi və nəhayət: – Bəli, İran xalqını bu avantüraya cəlb etmək xəyanətdir, ingilis və rus istilasını dərinləşdirməkdir, – dedikdə mən əlimi onun saçlarında gəzdirərək: – İndi ki, bu təşəbbüs bir parça xəyanətdən ibarətdir, onda bəs nə üçün mənim əziz dostum burada iştirak edir? Məgər sən hazırda Təbrizə gələn bu dəstənin məqsədini bilmirsənmi? Cavab ver!.. – Nə üçün bilmirəm! – Bildiyin halda da iştirak edirsən, eləmi? Amerikalı qız bu sözdən sonra danışmadı. O, hönkür-hönkür ağlayırdı, köksünü çəkirdi, o, həyatından iyrənmiş bir adam kimi teztez: KAh ana, məni nə üçün doğdun?) – deyərək göz yaşı tökürdü. Mən onun heç vaxt belə bir şiddətlə ağladığını görmədiyim üçün təəccüb edirdim. Bu ağlamaq onun acizliyini və həyat istiqamətini itirdiyini göstərirdi. Onun ümidləri hər tərəfdən sarsılmışdı, bir tərəfdən mənim yanımda öz köhnə etibarını itirmiş, bir tərəfdən dünya müharibəsinin ən qarmaqarışıq yerinə düşmüşdü. O, rusların Təbrizə qayıdacağını bilirdi, o bir daha bu başıpozuq dəstəyə qoşulub Kürdüstana qayıtmaqdan qorxurdu, qızdır, həm də gözəl və hamının diqqətini cəlb edən bir qızdır! O, Təbrizdə də qala bilməyəcəkdi, o həm Amerika, həm də rus konsulxanası yanında xəyanətçi sayılırdı. Onun sanki bütün varlığı su olub gözünün çeşmələrindən axıb tökülürdü. Gözünün yaşı yaxalığımı və pencəyimin çiynini islatmışdı, onu sakit etmək üçün: – Sakit ol, – dedim, – ağlamaq insanın acizliyindən doğur. Sən ağıllı, bacarıqlı qızsan, düşdüyün fəna yoldan çəkilib xalqın rahatlığı üçün işləyə bilərsən, hələlik çox gəncsən, səhvlərini islah etmək üçün də imkan vardır. Gələcəkdə də dost olduğun adamlarla səmimi yaşamağa çalış, o zaman sənin üçün bütün çətinliklər asanlaşar. Dünya belə qalmayacaqdır: bir tərəf qalib, bir tərəf məğlub olduqdan sonra sakitlik olacaqdır, o zaman sən də özünə doğru bir yol seçər və bu çətinlikdən yaxanı qurtararsan. Qız bu söhbətlərimdən sonra başını çiynimdən qaldırıb ağlayaağlaya danışdı: – Mənə inan - dedi. – Mən birinci gün səninlə görüşdüyüm zaman səni səmimi və sadiq bir qız kimi sevdim. Sən bilirsən ki, mən Təbrizə bir elmi işçi olaraq tədqiqat üçün gəlmişdim. O zaman heç bir partiya və təşkilata mənsub deyildim. Sənə and içirəm, hazırkı çirkabın içərisinə özüm də hiss etmədən düşdüm. – İnsan özü hiss etmədən casusluq vəzifəsini öhdəsinə götürərmi? – And içirəm, mən bu vəzifəni özümü casus hiss etmədən ifa etməyə başladım, buna sənin sevgin səbəb oldu. – Mənim? – Bəli, sənin! Çünki sən bu hadisənin tarixindən xəbərdar deyilsən: bu tarixdən xəbərdar olduqda sonra mənim özümün hiss etmədən tora düşdüyümü təsdiq edəcəksən. Rica edirəm məni eşit! Qoy başıma gələnləri sənə danışım. – Danış, dinləyirəm, lakin rica edirəm ağlama! Bu sözümdə qız yanımdan durub içəri otağa keçdi, az sonra libasını dəyişmiş və tualetini düzəltmiş bir halda çıxıb yenə də yanımda oturdu və özünün casusluq tarixini söyləməyə başladı: – Mən bir elmi-tədqiqatçı kimi Təbrizə gəldikdən sonra alman konsulu məni bir neçə kərə öz evinə qonaq çağırdı. Onlar mənə böyük bir məhəbbət, hətta ata-ana məhəbbəti qədər qiymətli bir nəvaziş göstərdilər. Mən bu ehtiramı alman patriotluğu ilə əlaqədar bilərək onların evinə gedib-gəlməyə başladım. Konsulun arvadı məni öz qızı kimi köksünə basar və bəzən saçlarımı da sahmana salardı, mənim şad günlərim onların evində keçər, qəmlərimi də onlarla bölüşərdim. Mən onların öz övladı kimi olmuşdum, onların hər bir şeyləri mənim üçün açıq idi. Konsulun arvadı mənim rahat yaşamağım üçün bütün şəraiti düzəldər, hətta paltarlarıma qədər özü tikdirərdi. Onlar mənim Amerika konsulxanası ilə olan əlaqəmi bilirdi, mən özüm Amerika xeyriyyə cəmiyyətinin məsul işçisi olduğumu onlara söyləmişdim. Günün birində konsulun evində nahar yeməyinə dəvət edilmişdim. Onlar mənə amerika konsulxanasında işə girməyi və əlverişli bir vəzifə götürməyi məsləhət gördülər. Mən Amerika konsulxanasında özümə yaxşı bir xidmət təklif edildiyini onlara xəbər verdim, konsul çox şadlandı və: «Qızım, bu vəzifəni götür? – deyə mənim saçlarımı sığalladı. Konsulxanada xidmətə girəndən bir neçə gün sonra konsulun qoca arvadı mənim saçlarımdan öpərək həyat məsələmdən söhbət açdı, səni sevdiyimi ona xəbər verdim. Axşam idi, onlar məni şam yeməyinə saxladılar, şam süfrəsi başında konsulun arvadı mənim bir nəfər iranlıya bağlı olduğumu öz ərinə danışdı, əri isə mənə müraciətlə: ” Ayıq ol, qızım! – dedi. – Alman şərəfi hər adi şərqliyə satılacaq bir şərəf deyildir, sən Almaniyanın hər kəsdən və hər şeydən yüksək olduğunu bilməlisən. Bir də budur ki, həyat yoldaşı seçməkdə yanılmaq bütün həyatı uduzmaq deməkdir. Mən heç etibar etmirəm ki, Şərqdə bir alman qızına layiq şərəfli adam tapılsın. Buna görə də sən birinci növbədə alman şərəfinin ləkələnməməsinə çalışmalısan, çünki bu ləkə ümumi alman xalqına vurulan bir ləkə olub qalar. Onlar bu barədə çox uzun danışdılar, nəhayət, mən sizin bir avropalı qədər mədəni olduğunuzu, əxlaq və tərbiyə cəhətincə də bir avropalıdan seçilmədiyinizi, özünüzün də İran inqilabına hüsn-rəğbət bəslədiyinizi onlara təfsilən danışdım. Alman konsulu bu sözlərimdən razı qaldı, çox şadlandı, özünün də İran inqilabına hüsn-rəğbət bəslədiyini və imkan daxilində İran inqilabçılarına maddi və mənəvi kömək göstərmək istədiyini bir neçə kərə təkrar etdi. Konsul başqa bir gün yenə də məni öz yanına çağırıb bir çox məsələlərdən danışdıqdan sonra mənə bir daha tapşırdı: «İran inqilabının nəfinə və zərərinə olan bütün xəbərləri öz vaxtında tanış olduğun iranlıya xəbər verə, – dedi. Alman konsulu özünü həqiqi bir inqilabçı kimi göstərirdi, mən buna inandığım üçün Amerika konsulxanasında olan bəzi lazımlı xəbərləri də yazıb ona verirdim. Bizim konsul ailəsi ilə olan əlaqəmiz uzun müddət davam etdi. Həmin bu xidmətçi qadını xidmətçi qəbul etməyimi onlar mənə təklif etdi, lakin bu məhəbbət və bu ehtiramın həqiqi siması və yağlı sözlərin həqiqi mündəricəsi mənim üçün sonra aydın olmağa başladı, Bir gün alman konsulu məni öz yazı otağına çağırdı və mənə alman əks-kəşfiyyat dəstələri ilə əlaqə saxlamağımı təklif etdi. Mən qətiyyən etiraz etdim, casusluq vəzifəsini sevmədiyimi və bacarmadığımı söylədim. Alman konsulu mənim bu sözlərimdən bərk güldü və – Sadə qız, - dedi, – sən bir ildən artıqdır ki, alman əks-kəşfiyyatının məsul bir rəhbəri ilə bilavasitə əlaqədəsən və casusluq vəzifəsini layiqincə ifa etmisən. Amerika konsulxanasının bütün sirlərini bir casus kimi öz əlinlə yazıb bizə vermisən, indi casusluq vəzifəsi xoşuna gəlmir, eləmi?1 Konsul bunu deyərək əlini yazı stolunun yeşiyinə atdı və mənim əlimlə yazdığım bir çox məktubları çıxarıb göstərdi: – Bunlar nədir? – dedi. – Bunları sən yazmamısanmı? – Bəli mən yazmışam! – dedim. – Mən bunları sizə yazmışam. Konsul bir vəsiqə daha çıxarıb göstərdi, həmin vəsiqə onun İran Azərbaycanındakı əks-kəşfiyyat dəstələrinin rəhbəri olduğunu göstərirdi. Mən deyəcək bir söz tapa bilmədim, donub oturmuşdum, nəhayət, konsul yazılmış bir kağızı mənim yanıma qoyub: – Heç də düşünməyə gəlməz, - dedi. – İndi ki, sən alman şərəfinin, alman namusunun uğrunda mübarizə aparır və çalışırsan, o zaman bunu rəsmiyyətə salmaq lazımdır. Belə bir rəsmiyyət mövcud olursa, zəhmətlərin də vaxtında təqdir olunacaqdır. Biləks sizi Amerika konsulxanası yanında ifşa edərik. Mən boyun qaçıra bilmədim, iş-işdən keçmişdi. Vəsiqəni imza edib. rəsmən alman casusu oldum. Vəsiqəni imza etdikdən sonra konsul bir daha mənə müraciətlə: – Artıq bu gündən etibarən mənim evimə dolanmayacaqsan, lazimi vəsiqələri və topladığın məlumatı sənin yanına gələn adamlara verməlisən. Hər kəs sənin yanına gəlib S.C.D. əlamətli vəsiqəni göstərsə, ona məlumat verməlisən. Əlamətlər dəyişdirildiyi zaman sənə qabaqcadan xəbər veriləcəkdir. Mən alman konsulxanasından ağlaya-ağalaya çıxıb gəldim, ancaq özümə göstərilən hörmətlərin həqiqi mənasını o zaman anladım. Hazırda mən bütün dünyanın nəzərində ən mənfur bir adamam. Nə Amerikaya gedə bilərəm, nə Rusiyada yerim vardır, nə də İranda qalmağım mümkündür. İndi deyin görüm özümü məhv etməkdən başqa bir çarəm vardırmı?1 Mən bu sadə qızın casusluq toruna düşdüyünün tarixini öyrəndim, onun olduqca adi və hər kəs üçün mümkün ola bilən bir üsul ilə casusluğa cəlb edildiyini eşitdikdə heç təəccüblənmədim. Qız əvvəldən də inqilabçı bir qız deyildi, onun heç bir partiyaya mənsub olmadığı da mənə məlum idi, o özünün elmli və mədəni bir qız olduğuna baxmayaraq, başqa amerikalı və avropalı qızlar qədər Karl Marksı, Engelsi və onların sinfi məsələlərə dair nəzəriyyələrini belə lazımınca bilmirdi. Onu bir tərəfdən alman mənafeyinə xidmət etmək, o biri tərəfdən də məni razı salmaq üçün İran inqilabına hüsnrəğbət göstərmək məqsədləri sürükləyərək alman əks-kəşfiyyatının çirkabına salmışdı. Onun vəziyyəti, doğrudan da, acınacaqlı bir halda idi, buna görə də: – İntihar etməyi nicat üçün çarə düşünənlər səhv edirlər, – dedim, – intihar acizlik və bacarıqsızlığın acı bir məhsuludur. Ağıllı insanların bütün düşüncüləri ölmək üçün yox, yaşamaq üçündür. – Mən bacarıqlı olduğuma inanırdım. Lakin mən casusların, di»lomatların insanlarla oynadığı qorxulu rollardan xəbərdar deyildim, onlar məni çox tez əllərinə ala bildilər, məni çox asanlıqla doğru yoldan azdıra bildilər. – Bəzən insan özünü bacarıqlı hesab etməklə təhlükə altına qoya bilər. Lakin sənin böyük səhvin burasındadır ki, öz sirlərini ən yaxın adamından gizlətmişsən. Halbuki sən öz qiymətli olan qızlıq şərəfini mənə etibar edirdin, əcaba Almaniya konsulunun özü və ailəsi ilə olan əlaqəni mənə söyləyə bilməzdinmi? Sən bu uzun müddətdə məni tanıya bilməmişdinmi? – Bu barədə sənin də qüsurun vardır, çünki mənə inqilabçı bir gənc olduğunu xəbər vermədin, buna görə də inqilaba dair sirləri və materialları sənə verməkdən qorxurdum, bunu Almaniya konsulu da mənə tapşırmışdı. Sən məndən şübhələnmə, bir casus deyib məndən uzaqlaşma, mən bu yolun yolçusu deyiləm, bu yol mənim üçün tamamilə yaddır. İndi artıq özümü müdafiə etməkdən acizəm, səndən də ümidimi kəsmişəm, bilirəm ki, bir inqilabçı heç bir vaxt casus bir qızı müdafiə etmək istəməz. Sənə olan sevgi və sədaqətimə and içirəm ki, mənim əqidəm, vicdanım casus əqidəsi, casus vicdanı deyildir, mən məcburən və anlamadan bu çirkabın içərisinə düşmüşəm. Mənim sənin köməyinə ehtiyacım var, mən bir daha bu quldurlara qoşulub Təbrizdən qaçmaq istəmirəm, xəyalım intihar etməkdir. Hara gedim? Amerikalılara xəyanət etmişəm, rusların əleyhinə çalışmışam. Almaniyaya gedə bilmərəm, çünki casus olmaq istəmirəm. İranda da qalmaq mümkün deyil, çünki İran İranın deyil. Bəs mənim çarəm nədir? Mən amerikalı qıza inanmaq işində tərəddüd edirdim, çünki casusluğun əsas xüsusiyyətlərindən birisi də onun yalan deməyi və insanı inandırmağı bacarmasındadır. Mən qızın bir casus olaraq başqa dona girməsi, başqa rol oynamağa başlamasından qorxurdum, çünki mən bu qızın göz yaşlarını və huşsuz düşdüyünü bir çox zamanlar görmüşdüm, bütün bu cəhətlər mənim ona inanmamağıma ixtiyar verirdi. Ona kömək edib-etməyəcəyim barəsində heç bir qəti söz deyə bilmirdim. Lakin o, qorxaq, şübhəli və müntəzir gözlərini mənim ağzıma dikib cavab gözləyirdi. Mən bir qədər tərəddüd etdikdən sonra: – Hələlik sənin üçün burada bir təhlükə yoxdur, – dedim. – Təbrizdə yaşamağın mümkündürsə, vəziyyət dəyişdiyi zaman yenə də düşünərik hələlik məni bağışla, evə xəbər vermədiyim üçün nigaran qalarlar. Zaman qorxulu və təhlükəli zamandır! Bu sözləri deyib qalxmaq istədikdə, amerikalı qız çiyinlərimdən basaraq: – Otur, – dedi, – mən səni bura öz dərdlərimi demək üçün çağırmamışdım, sənin üçün böyük bir sui-qəsd hazırlanır, onun barəsində danışacaqdım. – Nə kimi sui-qəsd? – Sizin adamlarınız Helminin kürdlərini və zabitini tərk-silah və təhqir etmişdirmi? – Doğrudur, elə bir hadisə baş vermişdir. – Helmi bəyin müqəssirləri təslim etdirməyə dair yazdığı məktuba təhqiredici cavab yazmışsınızmı? – Doğrudur, elə də olmalı idi. – İndi isə məni eşit, hadisənin nə mərkəzdə olduğunu təyin elə! Hələ siz Helminin kürdlərini tərk-silah etməzdən də qabaq Mirzağa Bülluri sizin barənizdə Helmiyə yaxşı məlumat verməmişdi. Sizin Mirzağa Bülluriyə yazdığınız məktubu da görmüşəm. O məktubda Mirzağanın sizə yazdığı məktuba cavab verməmişdiniz. Buna görə də Mirzağa sizi Helmi bəyə lazımi qədər tanıtmış və sizin Təbrizdə qorxulu bir qüvvə olduğunuzu onlara söyləmişdir. Mirzağa son günlər Helmi bəyin ərkan-hərbinə sizin barənizdə belə bir məktub göndərmişdir. Məktubu mən özüm tərcümə edib Tehrandakı Almaniya missiyasına göndərmişəm, hazırda haman məktubun surətini sizə göstərmək üçün gətirmişəm. Qız bu sözdən sonra durub içəri otağa keçdi, azdan sonra məktubu gətirdi. «Möhtərəm Helmi bəy! Təbriz şəhərini işğal etdiyimiz bu az zaman içərisində bir çox zəhmətlər çəkdiyimizə baxmayaraq, təəssüf ki, hələ arzu olunan məqsədə nail ola bilməmişik, bizim təbliğatımıza qarşı qoyulan əks-təbliğat olduqca qüvvətlidir. Təbrizdə rusofillərin təbliğatından başqa bir də demokratların təbliğatı mövcuddur ki, bu təbliğat bütün xalqı bizdən ayırmağa müvəffəq olmuşdur. Mən Təbrizdə xalqın atına, qatırına və nəqliyyat vasitələrinə toxunulmasına tərəfdar deyildim, biz bunu beş-on nəfər tacir və varlının həbsə alınması ilə əldə edə bilərdik, məhəmmədciklərin evlərə soxulması və nəhayət, onların gizlin təşkilat tərəfindən döyülüb tərk-silah olunması əhalinin yüz faiz demokratlar tərəfinə keçmələrinə səbəb oldu. Hazırda onların nüfuzu rusların və Təbrizdə mövcud olan yerli hökumətin, həmçinin bizim qoşunun nüfuzundan daha artıqdır. Onların silahlı və müntəzəm qüvvələri də vardır, onlar yalnız özlərini deyil, cErmənistanəı da müdafiəyə söz vermiş, onları da təşkıl etmişlər. Nə qədər ki, bu qüvvə tərk-silah edilməmiş, nə qədər ki, bu təşkilatın rəhbərləri edam olunmamışdır, Təbrizdə bizim lehimizə olaraq heç bir təbəddülat yaratmaq mümkün olmayacaqdır. Demokratlara böyük tələblər vermək, onun başçılarını əldə etmək və yaxud onları terror etdirməklə də olsa bu təşkilatı dağıtmaq lazımdırə. Qız bu məktubu almanca oxuyub mənə tərcümə etdikdən sonra, mənim Helmi bəyə yazdığım məktubun da tərcümə edilib Tehrana xəbər verildiyini söylədi, əlavə olaraq dedi: – Siz Helmi bəyin məktubuna yuxarıdakı cavabı yazmazdan da əvvəl, sizinlə nə cür rəftar edilməsinə dair plan hazırlanırdı. Bu təlimat heç şübhə yoxdur ki, yenə də Almaniya missiyasından və yaxud baş ərkan-hərbidən gəlmişdir. Helmi bəyə gələn təlimatda «gizli təşkilatın başçılarını edam etdirmək, yerli hökumətin vasitəsilə təşkilatın silahlı qüvvələrini tərksilah etmək və yaxud mümkün olursa, onları silahlı qüvvətə daxil etmək, ondan sonra Təbrizdə səfərbərlik elan etməklə xalqı Rusiyaya qarşı qaldırmaq? sözləri yazılmışdı. Mən qıza sual verdim: – Onlar gizli təşkilatın rəhbərlərini tanıyırlarmı? – Tanıyırlar, sizin əski silahdaşınız Hacı Mirzağa Bülluri uzun bir siyahı vermişdir. Onlar Türkiyədən bu dəstəyə qoşulub gələn Təbriz mücahidlərini də tərk-silah edəcəklər, çünki onların da gizli təşkilat ilə əlaqədar olduqlarını anlamışlar. – Bunun bir qorxusu yoxdur, onlar İstanbuldan gələn mücahidləri tərk-silah etmək istəsələr də, tapa bilməyəcəklər, çünki onlar da həmin Helminin qorxduğu gözəgörünməz qüvvətin içərisinə tökülmüşlər, onlar artıq öz silahları ilə bərabər qışlalardan axıb getmişlər. İndi mənə de görüm, yerli hökumətlə Helminin əlaqəsi nə kimi bir vəziyyətdədir? – Yerli hökumət hələ bu qüvvə Savucbulaqda olduğu zaman özünü bu qüvvənin sərəncamına vermişdi. Yerli hökumətin siması yoxdur, o, Rusiyaya olduğu kimi bu qüvvətin də lehinədir. Bu günlər o böyük bir rol oynamalıdır, o rol da sizi həbs edib Helminin sərəncamına vermək və xalqın xəbəri olana qədər edam etməkdən ibarətdir. – O bunu bacara bilərmi? – Helmi bəyin və İbrahim Fovzi bəyin şərəfinə təntənəli bir ziyafət veriləcəkdir. Ziyafətdə bütün Təbriz tacir və əyanları iştirak etdiyi üçün sizi də ora dəvət edəcək və orada həbs edərək edam eləyəcəklər. – Onlar mənim o ziyafətə gedəcəyimə əmindirlərmi?1 – Əmindirlər, Mirzağa Büllurinin dediyinə görə siz öz qorxaqlığınızı bildirməmək üçün o ziyafətə gedəcəksiniz. – Doğru deyir, gedəcəyəm. Qoy sərdar Rəşid məni tutub He!minin pəncəsinə versin, hərgah bacarırsa... – İndi gedə bilərsiniz! – Qız məhzun bir surətdə dedi. – Sizi ancaq bundan ötrü də çağırmışdım. Yenə də başqa xəbərlər olursa, sizə xəbər verəcəyəm. Mən miss Hannanın əlini sıxaraq təşəkkür etdim və vidalaşıb çıxdım. * * * Üz-üzə İnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi. Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o: – Rica edirəm ziyafətə bir az vaxtından tez təşrif buyurasınız. Oturub bir az hazırkı vəziyyətlər haqqında söhbət edək. Xəyalınıza heç bir şey gətirməyin. Mənim evimdə sizə heç bir şey olmaz, – dedikdə mən fikrimi tamamilə dəyişdim, hər nə olur-olsun həmin qanlı və təhlükəli ziyafətə getməyi qərara aldım. Lakin tədbirsiz getmək olmazdı. Gözləri və qolları bağlı düşmən əlinə keçmək cəsarət yox, anlamazlıq və sadəlik hesab olunur. Vaxt çox dar idi. Belə zamanlarda insan geniş bir surətdə düşünməyi də bacarmırdı. Hər halda, nə qədər düşünürsən düşün, iki işdən birisini qəbul etməlisən – onlardan birisi ölmək, ikincisi isə ölməmək üçün müdafiə tədbirləri tapmaq. Tütünçüoğlu durub mənim çıxılmaz vəziyyətimə tamaşa edirdi. O mənim çətinlik çəkdiyimi hiss etsə belə, fikirlərimi dağıtmamaq üçün bir söz soruşmağa cəsarət etmirdi. Doğrudan da, mən çox dərin düşünürdüm. Düşüncə məni elə bürümüşdü ki, olduğum yerdə donub buza dönmüş adamlara bənzəyirdim. Mən ancaq bu gün diriliyin və ölümün nədən ibarət olduğunu lazımi qədər təyin edə bilirdim. Vaxtilə yanımızda yüzlərlə adamın bombalar, top güllələri, pulemyot və tüfəng güllələri ilə yerə töküldüyünü gördüyümüz zaman həm özümüz iqbala inananlar kimi düşünür, həm də yanımızdakılara müraciətlə: «Qorxmayın, hər güllə hər adama dəyməzlp deyirdik. Lakin bu gün ölüm gülləsinin mənim üstümə gəldiyini düşünərək özümü şaşırdım: eyni zamanda bu şaşqınlığın nədən irəli gəldiyini fikirləşir və təyin edirdim. Bu düşüncə həyatımın özüm üçün yox, başladığımız işlərdə lazım olduğu üçün idi, buna görə də həyatı mühafizə etmək üçün tədbirlər lazım idi. Başımı qaldırıb Tütünçüoğluna dedim: – Get gör Mahru xanım Ninanın yanındadırmı? Hərgah oradadırsa, Ninaya xəbər ver ki, Mahrunu da götürüb mənim yanıma gəlsin. Tütünçüoğlu gedib beş dəqiqədən sonra qayıtdı və onların gəlməsini xəbər verdi. Düşüncələrim qismən dağıldı, sakit nəfəs aldım, düşüncələrimi müəyyən bir mərkəzə yığmağa və Mahru ilə danışacağım məsələləri planlaşdırmağa imkan tapa bildim. Mahru ilə Nina içəri girdi. Nina mənim üzümə baxan kimi özümdə olmadığımı dərhal hiss etdi və mənə bir söz demədən Tütünçüoğlundan soruşdu: Bunun yanına kim gəlmişdi? – Heç bir kəs gəlməmişdi. Məktub və sifariş gətirən olmuşdurmu? – Xeyr! – Telefonla danışmışmı? Bu suala Tütünçüoğlu cavab vermədi, icazə istəyirmiş kimi üzümə baxmağa başladı, mənsə onu çətinlikdən qurtararaq: – Bəli, telefonla danışmışam, – dedim. Nina soruşdu: – Kimlə? – Sərdar Rəşid ilə. Mahru bunu eşidərkən Ninanın danışmasına macal vermədən: – Sizin yanınıza bunun üçün də gələcəkdim. O xainin sözünə baxmayın, yalvarıram sizə, o ziyafətə getməyin. Orada sizi məhv edəcəklər, – dedi və ağladı. Nina da təbii halından çıxaraq, bir şey itirmiş adamlar kimi, otağı o tərəf-bu tərəfə dolanırdı. Mən Ninaya və Mahruya nəsihətverici bir halda dedim: – O ziyafətə getmək təhlükəli olsa da, məcburən getməliyəm. Getməsəm onlar məni qorxaq və cəsarətsiz hesab edərlər. Salamat qalmaq üçün düşməndən gizlənmək bir çarə deyildir. Düşmənlə gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll etmək lazımdır. Mahru yenə də: – Sizi məhv edəcəklər. Rica edirəm getməyin, – dedi. – Mahru bacı, siz kömək etsəniz, mənə heç bir şey etməzlər. Mahru üzümə təəccüblə baxaraq soruşdu: – Kömək etməyə imkan olsa, mən həmin köməyi sizdən əsirgərəmmi? – İmkan vardır, Mahru! Hazırda siz çarşabınızın altında beş dənə əl bombası evinizə apara bilərsinizmi? – Nə üçün də apara bilməyim! Onda bir çətinlik vardırmı? – Siz həmin bombaları aparacaqsınız, çünki biz onları özümüzlə bərabər apara bilmərik. Ola bilər ki, üstümüzü axtarsınlar, buna görə də biz Əsədlə ziyafət salonuna girəndən sonra, Həsənağa qulluqçu sifəti ilə bizim paltolarımızı saxlayacaqdır. Siz apardığınız bombaları Həsənağaya verəcək, Həsənağa isə onları bizim paltomuzun cibinə qoyacaqdır, birisini isə özündə saxlayacaqdır. Mahrunun gözündən sevinc yaşları axmağa başladı: – Bunu bacara bilərəm. Həsənağa dəhlizdən girib həyətə getmək bəhanəsi ilə bombaları bir-bir məndən alıb paltoların cibinə qoya bilər. – Hərgah bu vəzifəni yerinə yetirə bilsəniz, o zaman bizim məsələmiz yaxşılıqla həll ediləcəkdir. – Heç də rahatsız olmayın. Mən sizin paltolarınızı tanıyıram. Palto saxlanan yerə özüm də girməli olsam, bombaları sizin cibinizə qoymağa söz verirəm. Lakin qorxuram sizi salonda məhv etsinlər, bombalar sizə kömək verə bilməsin. – Elə şey ola bilməz. Orada bizi ancaq həbs edə bilərlər. Sərdar Rəşid nə qədər xain olursa-olsun, öz evində bizim edam edilməyimizə imkan verməz, çünki o, zahirdə özünü məmləkətin sahibi hesab edir. Mahru ilə razılaşdıq, qərarlaşdıq, o bombaları götürüb getdi. Ziyafət gecə saat on birdə başlanacaq idi, ziyafəti gecəyə salmaqda məqsəd yaradacaqları hadisəni bir kəsə bildirməməkdən ibarət idi. Biz hadisənin ziyafət süfrəsi başında həll edilməməsini zənn edirdik, hər halda onlar bizi xörəklə zəhərləyə bilməzdilər, çünki İranda adətə görə bir xonçada qoyulan xörəkləri bir neçə adam yeməli idi. Hərgah bizi içəridə məhv etmək istəsələr, o zaman ya boğmalı və yaxud güllə ilə öldürməli idilər. Lakin biz həbs edilməkdən zərrə qədər qorxmurduq, çünki sərdar Rəşidin evinin ətrafında kifayət qədər adamlar qoymuşduq. Onlar bizi Helminin adamlarının əlindən xilas edə bilərdi, hadisə salonda baş verəcək olsa da, Mahru xanımın apardığı beş dənə əl bombası bizi qurtara bilərdi. Bizim ziyafətə getməyimizə evimizdəkilər tərəfdar deyildi. Məşədi Kazım, Nina qapıları bağlayıb bizi dışarı buraxmaq istəmirdilər, nəhayət, mən: – Tutaq ki, biz bu ziyafətə getməkdən boyun qaçırdıq, görək onlar bizim yaxamızdan əl götürəcəklərmi? – dedim. - Siz bilirsiniz ki, düşmən sənin qorxaqlığını hiss edərsə, daha da cürətlənər, öz addımlarını daha da qətiləşdirər. Nina yenə də öz inadında davam edirdi. O ağlayır və yalvarır, mənim əlimdən yaxalığımı və qalstukumu alıb gizlətmək kimi xırda vasitələrə belə əl atırdı. Mən onu sakit etmək üçün: – Nina, sən mənə mane olma, – dedim. – Sən Təbrizdə olan fəaliyyəti qorxaqlıqla başa çatdırmağımıza səbəb olma! Qoy, düşmənlə olan haqq-hesabımızı tez və namuslu bitirək. Ninanın bu sözlərdən sonra əlləri boşaldı, inadı söndü, götürüb gizlətdiyi libasları və yaxalığımı özümə qaytardı, biz yola düşüb getdik. Əökdki Paltoları və qaloşları çıxarıb Həsənağaya tapşırdıq. Əsədlə bərabər salona daxil olduq. Qonaqların hamısı ayaq üstündə idi, bunlar kiçik dəstələrə ayrılı» salonda söhbət edə-edə dolanırdılar. Gülənlər və bir-birinə pıçıldayanlar da var idi. Bir zaman ruslara yaxınlıq nişan vermək üçün rus dilinin qol-qabırğasını sındıranlar, indi də Helmi bəyə yaltaqlanmaq üçün həddindən artıq «iştə, şu, bir bucuq, yahu, əfəndi, yavrum, ağabəyim, validəm, babam? kimi sözləri aralığa fırladırdılar. Biz içəri girən kimi sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbbətlə bizi qarşıladı: – Tac-sərimiz bizim bu ziyafəti öz təşrifləri ilə müzəyyən buyurmuşlar – dedi və əlimizi sıxdı, eyni zamanda bizi Helmi və İbrahim Fovzi bəylərə təqdim etdi: – Şəhərimizin tacirlərindəndir, Əbdülhəsənbəy cənablarıdır. Sərkarın vücudu olduqca dəyərli və qiymətlidir, dostlarımızdandır. – Sərdar Rəşid məni onlara təqdim etdikdən sonra Tütünçüoğlunu da tanış verib dedi: – Bu da cənab Əbülhəsənbəyin qardaşı Əsəd ağadır. Əqilli və ədəbli bir cavandır. Helmi irəli gəldi, o hələ mənə əl uzatmadan: – Təbiri cayizsə bu da gizli hərəkət ordusu baş komandanının yavəridir, – dedi və mənim əlimi sıxarkən: – Ziyarətinizdən məmnun və məhzuz olduq - dedi. Biz İbrahim Fovzi və onların iki nəfər gənc yavərləri ilə tanış olduq. Bizi məhv etmək üçün təşkil edilən bu ziyafət Təbrizdə gördüyümüz ziyafətlərin hamısından zəngin və təntənəli idi. Sərdar Rəşid Təbrizin ən gözəl rəqqasələrini, oxuyan və oynayanlarını bu ziyafətə çağırmışdı, qaraçı qızları tez-tez oynamağa və oxumağa çağrılırdi. İbrahim və Helmi tez-tez «Yahu, o çənganəni bura çağırsana ab – deyərək sərdar Rəşidin nökərlərinə əmr edirdi. Onlar Şərqin ən zəngin musiqisindən həzz almaq istəmirdilər, oxuyanlar çalıb-oxuduğu zaman belə Helmi bəy yenə də xidmətçini səsləyərək: – Yahu, o çənganəni bura çağırsana al.. – deyə qışqırır və oxuyanları ruhdan salırdı. Buna görə də qaraçının birisi gedib, başqası gəlirdi. Nəhayət, ziyafətin oxuyub çalmaq və oynamaq işləri qurtardı. Süfrə başına keçildi. Süfrədə içkidən başqa hər şey var idi. Mənim hər tərəfimdə Helminin planına görə bir nəfər zabit oturmuşdu, bunlar İbrahim Fovzi və Helminin yavərləri idi. Mənimlə üz-üzə oturan Tütünçüoğlunun sağ-solunda da iki nəfər zabit əyləşmişdi. Süfrə başında oturanların hamısı rəsmi paltarda idi. Sərdar Rəşidin özü də rəsmi paltarını geyinmişdi. Birinci kərə onun belində kiçik ebrauninq? tapança görürdüm. Helmi, İbrahim Fovzi də öz yavərləri ilə bərabər rəsmi və hərbi uniformada idi, onların da kəmərində ckolbə sistemli tapançalar vardı. Mənə elə gəlirdi ki, söhbətin haradan başlanacağı və ixtilafın nə cür aralığa atılması barəsində vaxtikən danışılmışdı. Söhbəti Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi başlayacaqdı, onlar mənim üzümə baxırdı. Onlarla düşmən olduğum halda, ziyafətə gəlməyim hər ikisinə qəribə görünürdü. Onlar bizə çox yaxın oturmuşdu. Birinci olaraq Hacı Mirağa mənə müraciət edərək bir dost kimi danışmağa başladı. – Məncə, sərkar Əbülhəsənbəy və onun tərəfdarları bizim təşəbbüsümüzü təqdir etməlidirlər. Mirzağa Büllurinin bu sözündən süfrə başında oturanların hamısı qulaqlarını şəkləyib gözlərini geniş açaraq bizə baxırdı, çünki mənim Mirzağanın bu sözlərinə verəcəyim cavab bütün məsələni həll edəcəkdi. Mənə gəldikdə məsələni uzatmaq istəmirdim, çünki mənim cavabımdan asılı olmayaraq, onlar öz tədbirlərini həyata keçirəcəkdilər, mən onların sözlərinə «bəli, bəli» demiş olsaydım da, onlar məni buradan azad buraxmayacaqdılar. Bunun üçün də Hacı Mirzağaya cavab verib dedim: – Hərəkətiniz, əsasən, mütəşəkkil və düşünülmüş bir hərəkət olsa belə, doğru sayıla bilməz. Bu sözümdə məclisdə tamam bir sükut başlandı. Yaltaq tacirlərin qorxudan çöhrələri və vəziyyətləri dəyişdi, onlar mənim bu hərəkəti pisləməyimə təəccüb etməyə bilməzdilər, çünki gündə yüzlərcə iranlını zopa ilə vurduran Helminin yanında bu cür söz demək, həm həddindən artıq cəsarət, həmdə dəlilik sayılardı. Hacı Mirzağa Bülluri aranı qızışdırmaq üçün mənə sual verdi: – Hərəkətimiz nə üçün doğru bir mehvər üzərində getmir? Mən: – Təbrizə gələn bu kiçik dəstənin ən başlıca ehtiyaclarından birisi, yerli xalqı öz ətrafında səfərbər etmək və onu ümumi düşmənə qarşı qoymaqdan ibarət olmalı idi. Sizə silahla və canlı qüvvəylə kömək edə bilən kütlə bu süfrə başında oturan tacirlər, əyanlar deyil, siz o qüvvələri aşağı təbəqənin içərisindən yığmalısınız, lakin təəssüflər olsun ki, əsgərlərinizin fəna və qaba hərəkətləri, onların başlıbaşınalığı və hədsiz qarətləri birinci növbədə aşağı təbəqəni sizin əlinizdən aldı. Xalqın bir tək iş malını, öküzünü, atını, arabasını çəkib aparmaqla bu hərəkətə qarşı xalqda qəti bir nifrət oyandırdıniz. Siz məni çox gözəl tanıyırsınız, eyni zamanda hər ikimiz Təbriz xalqını da gözəlcə tanıyırıq. Təbriz xalqı bu yaxın illər ərzində bir neçə kərə soyulmuşdur. Onları Rəhim xanlar, zərğamlar, şüca nizamlar, çar ordusu, Səməd xanlar, filani-filanlar bir neçə dəfə qarət etmişlər. İndi isə qardaş köməyinə gələn dəstənin nəfərləri də xalqı qarət edib dağıtmaqdadır ki, bu da gözlənməyəcək və təəssüf ediləcək bir haldır. Bu sözlərə hamıdan artıq Helmi və Fovzi bəylər diqqət verirdi, çünki onlar bizimlə birinci kərə qarşı-qarşıya gəlirdilər, çünki onlar İran sərhədini keçən gündən bəri birinci kərədir ki, tənqid olunurdular. Buna görə də Helmi bəy: – Bir az da gizli və silahlı qüvvəniz barəsində danışın! – dedikdə mən: – Təbrizdə Helmi bəy cənablarının komandasında olan silahlı qüvvədən başqa heç bir nizami və silahlı qüvvə yoxdur, – deyə cavab verdim. – Burada yerli hökumət vardır. Nizami qoşun, polis və yandarm onların əlindədir. Məncə, bu barədə həzrət əşrəf sərdar Rəşid cənabları sizə doğru məlumat verə bilər. Siz yaxşı bilirsiniz ki, bizim silahlı qüvvələrimiz 11-ci ildə Əmir Heşmət üsyanında Təbrizi buraxıb Van tərəflərinə və İstanbula getdilər, burada qalanlar isə dara çəkildi, sürgün edildi, Hacı Səməd xan tərəfindən zirzəmilərdə boğduruldu, bacaranlar isə Təbrizdən çıxıb qaçdı. Hacı Mirzağa və Fişəngçi cənabları bu həqiqəti yaxşı bilirlər. Hazırda bizim nə kimi bir qüvvəmiz ola bilər? Mən çox təəssüf edirəm ki, biz çar Rusiyasına qarşı amansız mübarizə apardığımız bir halda, Təbrizi çar istilasından qurtarmağa gələnlər də bizə düşmən bir nəzərlə baxır. Cənab Helmi bəy, çox gözəl bilir ki, bir məmləkətə girən hər hansı bir dəstə asayişi təmin etməlidir. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gündən bəri əmin-amanlıq yarada bilmədi, buna görə də xalq təcavüzlərə qarşı təşkil olunmağa başladı, bu isə təbil bir haldır. Mənim bu sözlərimdən Helmi bəy acıqlanmışdı, onun boyun damarlarının qabardığını hiss edirdim, o özünü ələ almağa çalışırdı, yediyini və içdiyini bilmirdi. Mən vaxtikən Tütünçüoğluna tapşırmışdım ki, bizi zəhərləmək ehtimalı var, buna görə də ehtiyatlı hərəkət etməliyik. Yanımızda oturan zabitlər hansı xörəkdən yeyirsə, biz də həmin xörəklərdən yeyirdik. Xörəklərin qurtarmasına az qalırdı, birdən-birə Helmi bəy başını qaldırıb Hacı Mirzağa Bülluridən soruşdu: – Hacı bəy əfəndi, unutmuşdum... Yahu, de görüm bizə həmin qaba və ədəbsiz məktubu yazan bu hərifmidir?1 Bu hərifin barəsində bir tədbir ittixaz edilmədimi? Helmi bu sözləri dediyi zaman mən məclisdəkilərə göz gəzdirdim, xüsusən sərdar Rəşidin və Hacı Mirzağa Büllurinin nə kimi vəziyyət aldıqlarına baxdım. Hacı Mirzağa məni satdığına baxmayaraq, mənim gözümün qarşısında danışmaq istəmirdi. O, Helminin sualının cavabını vermək istədisə də, boğazı tutuldu. Hər kəs xörəkdən əlini çəkib durmuşdu. Sərdar Rəşid əlindəki kibritlə külqabını qurdalayır və gözünün yanı ilə mənim üzümə baxırdı. O məni artıq ölümün pəncəsində görüb sevinirdi. O məni bir neçə dəqiqədən sonra məhv olmuş hesab edir və Nina haqqındakı xəyanətini həyata keçirəcəyinə əmin olurdu. Lakin Kəblə Hüseyn Fişəngçi tam mənası ilə mənə qarşı bir təhqiri çəkə bilmirdi, o, alçaq və adamsatan deyildi, o, avam və sadə olduğu üçün bu çirkabın içərisinə düşmüşdü. Onun rəngi ağarmışdı. Biz sonradan bildik ki, Kəblə Hüseyn Fişəngçinin mənə qarşı edilən bu xəyanətdən xəbəri yox imiş. Mənim bu barədə olan şübhələrimi onun hazırkı vəziyyəti tamamilə dəyişmiş oldu. İndi mən onun məclisdə bir ixtilaf törədəcəyindən və mənə kömək etmək istədiyi üçün planlarımızı pozacağından qorxurdum. Mən o dəqiqələrdə öz həyatımı unudub onun ağır vəziyyətdə qaldığı barəsində düşünürdüm, çünki Kəblə Hüseyn məni tanıyırdı, onunla iki il tamam yoldaşlıq etmişdik, onunla yanaşı olaraq uzun gecələri cəbhələrdə keçirmişdik. Mən Helminin sualına cavab verməmişdim, çünki Helmi öz sualını Hacı Mirzağa Bülluriyə vermişdi. Vaxtilə Təbrizin çətin günlərində təkrar-təkrar «Allah səni bizə çox görməsinə deyən Hacı Mirzağa bu gün məni Helmi bəyin əlinə verdiyindən utanırdımı? Məncə, yox, o utanmırdı. O bu xəyanətlə özünün xalq içində nüfuzdan düşəcəyini düşünürdümü? Nəhayət, o, cavab verə bilmədi, mən papirosu külqabına qoyaraq, cavab verdim: – Bəli, sizin dediyiniz qaba məktubu mən yazmışdım! Helmi məndən bu cavabı gözləmirdi, o mənim üzümə əyri-əyri baxıb, acıqlı bir tərzdə dedi: – Baqqal hərif! Biz qoca bir məmləkətin müqəddəratını həll etmək üçün gəldik. Hazırda sizinlə bazarlıq edəcək tacirlər deyiliz, sizə dünən silahları və məhəmmədcikləri təhqir edən karata hərifləri təslim vermək üçün əmr verilməmişdimi?l – Verilmişdir, sizin bu cür əmr verməyə ixtiyarınız vardır. – Nerede qaldı? Nə üçün təhvil vermədiniz? Mən yenə də sakitcə papirosu yandırıb bir nəfəs çəkdim və üzümü sərdar Rəşidə çevirib: – Xəyanəti fəna təşkil etməmişsiniz , – dedim. O, qorxusundanmı, utandığındanmı, acığındanmı, hər nədənsə titrətməli adamlar kimi titrəyirdi. Mən Helmiyə dönərək: – Rica edirəm mənimlə ədəbli danışın! – dedim. - Sizin qarşınızda bölük nəfəri oturmamışdır. Biz baqqal da deyilik. Baqqalı Azərbaycan valisinin evinə dəvət etməzlər. Sizin qarşınızda oturan Mirzağalar baqqaldır ki, öz iflasını təmin etmək üçün bir dəstə qarətçini də götürüb Təbriz xalqını soymağa gəlmişdir. Lakin əmin olun ki, buna imkan verilməyəcəkdir! Bir daha rica edirəm ki, sözünüz varsa, onu bir ordu rəisi kimi deməlisiniz, çünki o cür sözlərə cavab verməyə tərbiyəm yol vermir. Bu sözlərimdən sonra Helmi barıt kimi alışdı və yanımdakılara qışqırdı: – Alın bu gəvədə hərifi ərkani-hərbə! Mən gəlincəyə qədər bunların hər birisinə yüz zopa vurulmasını əmr edərsiniz. Bu saatda karata hərifin evinə gedib evində saxladığı gavur qızını da alıb, bu məclisə gətirərsiniz! Yanımda oturan yavərlər qollarımdan tutub qaldırdılar, Kəblə Hüseyn Fişəngçi özü də hiss etmədən yerindən qalxdı. Mən ona yerində oturmasını işarə etdim. O yerində oturdu. Hacı Mirzağa başını aşağı salıb heç bir tərəfə baxmırdı, onlar mənim və Əsədin qollarını bağlamaq istədikdə mən: – Madam ki, biz özümüz gedirik, qollarımızı bağlamağa nə lüzum vardır? – dedikdə tacirlərdən bir çoxu və Kəblə Hüseyn Fişəngçi də: – Qollarını bağlamaq yaxşı deyil, hara istəyirsiniz getsinlər də, – dedi. İki nəfər zabit məni, iki nəfər də zabit Əsəd Tütünçüoğlunu qabağına salıb salondan çıxardılar. Bizi aparırkən sərdar Rəşid Helmi bəyə müraciətlə: – Əsəbiləşməyə lüzum yoxdur, – deyirdi, – eylə də əhəmiyyətli adamlar deyildirlər. Cənab komandan buyurduğu kimi baqqal-çaqqaldırlar, bazar oğlanlarıdırlar. Bizi dəhlizə çıxardılar. Həsənağa paltolarımızı gətirib tutdu, biz paltonun cibini yoxladıqda bombaların cibimizdə olduğunu hiss etdik: hər cibimizdə bir dənə əl bombası var idi. Bunu gördükdə qəlbimiz sakit olmuşdu, öz planımızı həyata keçirə biləcəkdik. Onlar bizi dəhlizdən balkona çıxardı, zabitlərdən birisi balkondan həyətdəkiləri səslədi: – Əli çovuş, Süleyman çavuş! – dedikdə iki nəfər balkona çıxdı. Zabit onlara tapşırdı: – Bu hərifləri ərkani-hərbə götürün, baş komandanın əmrinə görə hər birisinə yüz zopa vurduqdan sonra toqif ediniz, – dedikdə çavuşlardan birisi: – Mülazim əfəndi, yüz zopadan sonra toqif etmək caizmidir? dedikdə zabit gülərək soruşdu: – Bəs nə edəcəksiniz yahu? – Torpağa göməcəyiz, – deyə bizi qabaqlarına qatdılar, zabitlər isə salona qayıtdılar. Zabitlərin salona girməsi üçün biz papiros yandırmaq bəhanəsi ilə pilləkən başında bir az yubandıq, zabitlərin salona girmələrindən əmin olduqdan sonra pilləkənə yanaşdıq və gözlənilmədən yanımızdakı çovuşları itələyib həyətə atdıq, dallarınca da iki bomba buraxdıq. Həyətdə inilti və qışqırtı ucaldı, aləm bir-birinə qarışdı. Mən Tütünçüoğlunu pilləkənin başında qoyub salona qayıtdım. Biz həyətə bombaları atdığımız zaman Həsənağa da təxirsiz olaraq dəhlizdən əlində bomba salona girmiş və salondakıları əllərini yuxarı qaldırmağa məcbur eləmişdi. Mən bir əlimdə papiros, o biri əlimdə bomba salona girdim. Hamısının əlləri havada idi. Mən papirosu çəkir və bunlara tamaşa edirdim. Heç söz danışmırdım, Tütünçüoğlunun gözləyirdim. Salonda həyəcan davam etdiyi kimi, həyətdəkiləri də bizimkilər tərk-silah edirdi. Verdiyimiz təlimat üzrə bizim bombalarımız açılan kimi sərdar Rəşidin evinin ətrafında duran yoldaşlar həyətə girib bütün silahlı adamları tərk-silah edib qollarını bağlayacaqdı. Tütünçüoğlu bir əlində tapança, o biri əlində bomba içəri girdi. Mən Tütünçüoğlunu görürkən həyətdəkilərin tərk-silah olunub bitirilməsini yəqin etdim. Süfrədən kənardakı dəyirmi bir mizin yanında oturdum və Tütünçüoğluna əmr etdim: – Bu qorxaqları və bir əsgər namusu daşımayan bu şərəfsizləri tərk-silah edin! Bu sözümdən sonra birinci olaraq Helminin qılınc və belindəki ckolbə tapançasını açdılar. Fovzini və onların yavərlərini, zabitlərini, dörd nəfər İran zabitini də tərk-silah elədilər. Bunları qurtardıqdan sonra Tütünçüoğluna sərdar Rəşidi göstərib: – İndi də üç hökumətin üçü ilə də əlaqə saxlayan, üçünə də yaltaqlıq edən, eyni zamanda üçünə də xəyanət eyləyən bu qondarma həzrət əşrəfi tərk-silah edin! – dedikdə Tütünçüoğlu onun tapançasını, qılıncını, döşündəki cÖryolp nişanını, həmayilini və sair şeylərini tamamilə soyundurdu. Başqaları da axtarıldı, silahı olanlardan silahları alındı, onların hamısını mənim yanımdakı mizin üstünə qoydular. Mən ayağa qalxdım, üzümü sərdar Rəşidə və Mirzağaya tutub: – Bu xəyanəti təşkil edən sizsiniz, bizi «bazar oğlu» deyə He!milərə və Fovzilərə tanıtdıran sizsiniz! Hərgah hökumət işlərinə qarışmağa icazəm olsaydı, mən sizi birinci növbədə məhv edərdim, lakin mən bu qarətçi dəstənin tezliklə məğlub olacağını gözümlə görən kimi yəqin etdiyim üçün Helmini və onun qarətçilərini cəzalandırmıram. Mən Helmi bəyin qabalıqlarına da qaba cavab vermək istəmirəm, ancaq ona bir daha xatırladıram ki, mən «bazar oğlu) və «baqqal-çaqqal? deyiləm, hərgah keçmiş dəllək şagirdi, hazırkı sərdar Rəşid bizi «baqqal və bazar oğluş deyə tanıtmışsa, burada oturanların hamısı, hətta Mirzağa Bülluri də mənim «bazar oğlu? olmadığımı yaxşı bilir. Bu sözlərdən sonra mən tapançaların patronlarını çıxarıb He!miyə və Fovziyə qaytardım və əlavə etdim: – Rica edirəm ki, bu gecəki hadisə haqqında heç bir yerdə danışmayasınız, haqqınızda qismən ədəbsizlik olduğunu da əfv edəsiniz. Biz bunu etməyə məcbur idik. Biz başqa silahları və patronları götürüb salondan çıxdığımız vaxt Helminin səsini eşidirdim. O: – Doğrudan da, bunlar bazar oğlu və baqqal-çaqqal deyilmiş, – deyirdi. * * * Erməni məhəlləsində hücum hazırlığı Artıq tərk-silah etmək və həbsə almaq məsələsi fikri tamamilə Helmi və Fovzi bəylərin yadından çıxmışdı. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. Onlar ümumi qarət və kütləvi talana imkan tapa bilmədilər. Lakin tək-tək adamları tutub cərimələyir, qarət edir və malını aparırdılar. Qoşun nəfərləri bazar əhlindən hər nə alırdılarsa, pulunu vermək istəmirdilər, onların ağzından söyüş və «gavur oğlu gavurə sözündən başqa bir söz eşidilmirdi. Malı gedənlər və zərərdidələr qorxusundan baş komandanın yanina şikayətə gedə bilmirdi, çünki əlində qalan beş-üç tümən pulunu da ona verib çıxmalı idi. Bəzən Helmi şikayətə gedənləri söyüb: – Gavur karatal – deyirdi. – Elə bil ki, malını çar soldatı çalmışdır. Malını islam əsgərinin aparmasından şadlanmırsanmı? Xalq daha şikayətə getmədi, qarətçilərə onların özləri cəza verməyə başladı. Hansı əsgər bir nəfər yerliyə təcavüz edirdisə, lazımi qədər döyüb silahını alırdılar. Bu barədə bütün adamlarımıza tapşırıq verdik. Nəhayət, iş elə bir şəkil aldı ki, atı və heyvanı alınanlar qışlaların ətrafında gəzərək, öz atını hansı əsgərin əlində görsə, dərhal tutub alırdı. Ələ keçməyən heyvanların siyahısını tutub Helmi bəyə göndərdik və təcili surətdə qaytarılmasını tələb etdik. Helmi bəy mənə göndərdiyi məktubunda belə yazmışdı: eMöhtərəm əfəndim! Təşəkkür olsun ki, aramızda olan bəzi anlaşılmaz məsələlər təsviyə olunmuşdur. Atlar məsələsinə gəldikdə onlardan bir neçəsini əsgərlər evlərinə qaçırmışdır, əldə olanlarını isə təhvil verməyə hazırıq». Əldə olan atları təhvil verdilər və Təbriz xalqına toxunmayacaqlarına bir daha and içdilər. ini) Miss Hanna məni çağırmışdı, mən onun yanına axşam saat beşdə getdim. Vəziyyətini yaxşı gördüm, incəlik və gözəlliyi özünə qayıtmağa başlamışdı. Onun qoca xidmətçisi alman qadın da artıq mənə görünməkdən utanırdı, çünki keçən gün miss Hanna onun alman konsulu tərəfindən bura xidmətə göndərildiyini və özünün alman əks-kəşfiyyatına mənsub olduğunu mənə xəbər vermişdi. Mən burada əhəmiyyət vermirdim, çünki onlar bu günə kimi bizim zərərimizə çalışmamışdı, hər haqda qız Təbrizdə qalmalı olursa, xidmətçi qadının buradan kənar edilməsi lazım gəlirdi. Miss Hanna məni nə üçün çağırması barəsində danışdı: – Onların məqsədi sabah səhər tezdən erməni məhlələrini qarət etməkdir. – Nə üçün? – Helmi deyir ki, ermənilər çar tərəfdarlarını öz himayələrinə alıb saxlayırlar. Lakin işin həqiqəti tamamilə başqadır. Hazırda Təbrizə gələn dəstənin məsarifi ümumi ordu büdcəsinə daxil deyildir, dəstə özünü cərimələr, yerlilərin yardımı, heç olmazsa, qarət və talanlar vasitəsi ilə idarə etməlidir. – Sən bunu yəqin bilirsənmi? – Mən buna inanmasaydım, səni yanıma çağırmazdım. Miss Hannanın bu sözündən sonra təxir etmədən qalxdım, o məni saxlamaq istədi, şübhəsiz ki, özü haqqında soruşacaq idi, mən ona: – Sən əmin ol ki, bir təhlükə baş verdiyi zaman səni müdafiə edəcəyəm, – dedikdə o mənim boynuma sarıldı və şadlığından ağladı. Mən oradan çıxıb evə gəldim, sərdar Rəşidə bu məzmunda təcili bir məktub yazıb bir nəfər mücahidlə göndərdim: 4Bizim barəmizdə olan sui-qəsdin müvəffəqiyyət qazanmadığı sizin nə kimi bir simaya malik olduğunuzu və nə kimi bir qüvvə daşıdığınızı bizə aydıncasına göstərdi. Biz həmin gecədən etibarən sizi bir İran nümayəndəsi kimi tanımamağa başladıq. Təbiidir ki, bu xəyanətinizə qarşı cəzasız buraxılmayacaqsınız. Bu gün aldığım xəbərlərə görə, erməni xalqını talan etdirməyə icazə vermişsiniz. Siz bu məmləkətin valisi olduğunuz halda cErmənistanəın qarətinə soyuqqanlı bir tamaşaçı qalmamalısınız. Ermənilər də təbrizlidir, onların müdafiəsi bizim öhdəmizdədir. Biz bu saatdan etibarən bir nəfər erməninin zərərdidə olması məsuliyyətini sizin öhdənizə qoyub, sizi təxirsiz surətdə cəzalandıracağıqp. Məktubu göndərdikdən sonra sərdar Rəşid məni telefona çağırıb dedi: – Mən nə edə bilərəm? Helmi və Fovzi bəylər məni bir vali kimi tanımaq istəmirlər. Onlar mənə qulaq assaydılar sizin haqqınızda o ədəbsizliyi rəva görərdilərmi? Mənim əlimdə qüvvə yoxdur. Təbrizdə polis və yandarmın miqdarı yüz nəfərə çatmır, bunlarla böyük bir qüvvənin qabağına durmaq mümkündürmü? Mən telefonla ona cavab verdim: – Siz özünüzü bir İran valisi kimi göstərə bilsəydiniz, bir iranlı kimi bu ölkənin namusunu müdafiəyə qalxışsaydınız, biz sizi müdafiə etməzdikmi? Lakin siz bunun əvəzində bizi öz evinizdə tutub Helmi bəyin əlinə vermək istədiniz. Qısa deyirəm, siz bu saat He!miyə məktub göndərməklə qarətin qarşısını almalısınız. Əks-surətdə bu gecənin özündə sizi cəzalandıracağıq. – Mən bunu bacara bilərəmmi? Bu iş mənim əlimdən gələrmi? – İstəsəniz bacararsınız. – Elə isə zəhmət çəkib bizə təşrif gətirin, burada danışaq. – Vaxtım yoxdur. – İcazə verin mən özüm gəlim. – Gələ bilərsiniz. İyirmi dəqiqə keçməmiş sərdar Rəşid avtomobil ilə gəldi, heç utanmadan mənim və Ninanın əlini sıxıb oturdu və hələ mən sözə başlamadan o: – Sizdən çox üzr istəyirəm, – dedi, – ədəbsizlər mənim evimdə sizi təhqir etməməli idilər, lakin onlarda nəzakət olmadığını siz özünüz də bilirsiniz. . Mən onun sözünü yarımçıq qoyaraq: – Bu barədə danışmayacağıq, bu hadisə haqqında fikrim başqadır. Hələlik «Ermənistan» məsələsini danışmalıyıq, siz onlara bu məqsəddən daşınmaları üçün tələbat verməlisiniz. Sərdar Rəşid bu məsələdən boyun qaçırmaq üçün: – Cənab sərkar özü bilir ki, biz Rusiya və Osmanlı ixtilafında bitərəfik, biz Tehrandan icazə almamış bu bitərəfliyi poza bilmərik. – Əcəba, siz məni və bütün Təbriz müdafiəçilərini evinizdə həbs etdirib qarətçilərin əlinə verdikdə Tehrandan icazə almışdınızmı? – Bəndə sizə ərz elədim ki, o məsələdən mənim xəbərim yox idi. – Bundan xəbəriniz yox idi, ağzınızın dediyi sözlərdəndəmi xəbəriniz yox idi? «Çox əhəmiyyət verməyin, o qədər də əhəmiyyətli adamlar deyil, komandan buyurduğu kimi baqqal-çaqqallardırə sözlərini siz demədinizmi? – Mən bu sözləri sizin cəzanızın yüngülləşməsi üçün dedim. – İndisə sizə Əbülhəsənbəy yox, bir bazar oğlu əmr edir, hər nə deyirəmsə götürüb yazın, onlara tələbat verin! – Tələbatı yerinə yetirmək üçün qüvvə lazımdır! – Sənin bazar oğlu adlandırdığın adam o qüvvəni sənə verər. Götür yaz! – Mən bu sözü deyib bir parça kağızı onun qabağına qoydum, qələmi mürəkkəbə basıb: – Buyur! – dedim. O, qələmi alıb mənim ağzıma baxmağa başladı: €Cənab Helmi bəy! Bu gün aldığım məlumata görə Təbrizi işğal etmiş dəstəniz şəhərin erməni hissəsini qarət etməyə hazırlaşır. Buna görə də yerli hökumət buna imkan verməyəcəyini sizə bildirməklə, sizdən aşağidakıları tələb edir: Erməni hissəsinin qarəti barəsindəki qərarınızı ləğv etməlisiniz. Əsgərləri şəhər içərisinə buraxmamalısınız, əks surətdə onları həbs etdirəcəyəm. cErmənistanə məhəlləsində bir nəfər müsəlman qadınını öz mənzillərinə çəkmək istəyən əsgərləri İran məhkəməsinə təslim etməlisiniz. Təbriz xalqından alınan cürbəcür cərimələr qaytarılmalı və təzə qoyduğunuz 70 min tümən təzminat alınmalıdır, çünki Təbriz şəhərini müharibə ilə almamışsınız. Yuxarıda göstərilən tələblər 24 saatın içərisində həyata keçirilməzsə, yerli hökumət məsuliyyəti sizin öhdənizdə qoymaqla, özünü azad hesab edəcəkdirmə. Sərdar Rəşid bu cümləni yazmaq istəmirdi, buna görə də qələmi əlində saxlayıb: – Ağa, belə bir sözü yazmaq olmaz! – dedikdə mən acıqlandım: – Nə üçün də yazmaq olmaz? – Siz bilirsiniz ki, biz məktubu Təbrizi işğal etmiş bir qoşunun komandanına yazırıq. Bir də budur ki, tələbat verildiyi zaman onun həyata keçə bilməyəcəyini də fikirləşmək lazımdır. Ağa, buyurun görək biz hansı bir qüvvəmizlə özümüzü azad hesab edə biləcəyik? – Bizim bədbəxtliyimiz burasındadır ki, əcnəbilərə nökərçilik etməyə öyrənən sərdar rəşidlər və sairələr öz yerli qüvvəsinə inanmır. Hər nə deyirəm yazın! Bu məktubun arxasında möhkəm bir qüvvə durur, o qüvvə təşkil olunmuş xalqın qüvvəsidir! Sərdar Rəşid hər nə ki, demişdim yazdı və özü də imzaladı, hökumətin möhrünü də kağızın altına qoydu. Mən kağızı alıb öz adamlarımızla Helmi bəyə göndərdim, sərdar Rəşid isə bir daha acizcəsinə mənə müraciətlə: – İndi bəs necə olsun? – deyə soruşduqda mən: – İndi heç bir şey lazım deyil! Gedərsiniz. Onlar sizi öz yanlarına çağırsalar, getməkdən boyun qaçırmalısınız. – Bu necə ola bilər? – Olar, siz bir məmləkətin valisi kimi onlara deyirəsiniz ki, hökumət işləri ilə məşğulam. Gələ bilmərəm. – Bəlkə, özləri mənim yanıma gəldilər? – Qapıda adam qoyarsınız, onları içəri buraxmazlar, deyərsiniz ki, bir neçə gün vaxtım olmayacaqdır. Görüşü çox uzaq bir zamana təyin edərsiniz. Onlar nə hökumət qapısını, nə də sizin evin qapısını zorlayıb içəri girə bilməzlər. Hərgah belə bir hadisə baş verərsə, bizimkilər orada olacaqdır. Sərdar Rəşidin dili açıldı: – Belə ha, qeyrətinə qurban! – Bizim sizinlə olan əlaqə və Helmi bəylə olan rəftarımız barəsində heç bir kəsə danışmamalısınız. Nə İran hökuməti, nə də sizin bağlı olduğunuz çar konsulu bu hadisələrdən xəbərdar olmamalıdır, siz bu sirlərin gizlində qalması üçün öz həyatınızla məsulsunuzl – Bu nə fərmayişdir, cənab Əbülhəsənbəyl Məgər bizdə milli namus və milli şərəf yoxdurmu? – Şərəf və namus məsələsini bir tərəfə buraxın, çünki o çox mürəkkəb bir məsələdir. Ancaq onu bilməlisiniz ki, bir sirri şərəfsiz adamlar da saxlaya bilər, burada mətanət və iradə lazımdır. – Əlhəmdülillah bunların hamısı bizdə vardır, inşallah, sağlıq olarsa qulluğunuza yetişərik. Sərdar Rəşidə qəlyan və çay gətirdilər, o, yarım saat daha oturduqdan sonra çıxıb getdi. Biz də hər ehtimala qarşı hazırlıq görmüşdük, erməni məhlələrinə gedən yolların hamısını tutmuşduq. Eyni zamanda erməni yoldaşların özlərinə də xəbər verib ehtiyatlı olmalarını tapşırmışdıq. Biz hazırlıq görməklə bərabər, Helminin cəsarətinə də inanmırdıq, çünki sərdar Rəşidin ona göndərdiyi məktub təsirsiz qalmayacaqdı. Helmi o məktubun bir qüvvəyə istinadən yazıldığını biləcəkdi. Biləcəkdi ki, sərdar Rəşid özlüyündə belə bir tələbatı verə bilməz. Hər halda, bu məktubun nəticəsini gözləyirdik. Buna görə də sərdar Rəşidi müdafiə etmək bəhanəsi ilə iki nəfəri onun kabinetində qoymuşduq. Düz axşam saat doqquzda sərdar Rəşidin yazı stolunun üstündəki telefonun zəngi vurdu. Sərdar Rəşid telefonun dəstəyini götürüb: – Bəli, eşidirəm, – dedi, – bəli, danışan sərdar Rəşiddir... Eşidirəm... Əleykəssəlam, Helmi bəy!.. Bizə nisbət xidmətiniz?.. Bəli, həmin məktubu mən göndərmişəm... Necə yəni ola bilməz?.. Hə, hə, mən bir İran nümayəndəsi olduğum halda, öz rəiyyətimi müdafiə edə bilmərəmmi?.. Rəiyyətin ermənisi və yəhudisi də və başqası da ola bilər... Necə yəni gavur?l Bu məmləkətin rəiyyətidirmi? Erməni olsunlar, madam ki, dinc adamlardır, nə sizinlə, nə də başqaları ilə işləri yoxdur, İran hökumətini də öz doğma hökumətləri kimi tanıyırlar, biz onların malını, canını və namusunu müdafiə etməyə borcluyuq... Bəli, müdafiə etməyi bacara bilərik!.. Hansı qüvvətlə müdafiə edəcəyimizi biz özümüz bilirik... Bir az ədəbli olun! Çünki siz başqa bir hökumətin ölkəsindəsiniz... Alınan cərimələr bir qara şahısına kimi qaytarılmalıdır... Qaytarılmasa?.. Bəli, qaytarılmasa üsuli-cəbriyyəyə müraciət ediləcəkdir... Gələ bilməyəcəyəm, başım hökumət işlərinə məşğuldur... Sizi? Mümkündür, ancaq üç gündən sonra qəbul edə bilərəm... Cəbrən!.. Eybi yoxdur, iş məcburiyyət məsələsinə gəlirsə, o zaman məsuliyyət öz öhdənizdə qalacaqdır. Yetmiş min tüməndən yetmiş şahı da ala bilməyəcəksiniz... Hacı Mehdini təcili surətdə azad etməlisiniz. Bəli, bunu sizə sərdar Rəşid İran hökuməti adından deyir... Sərdar Rəşid dəstəyi yerinə asaraq öz-özünə: «Onlar bura gələcəkdir, onlar özlərinə yazdığımız məktubu geri götürməyim üçün məni məcbur edəcəklər. Eyni zamanda cErmənistanpın qarəti haqqındakı qərarı da imza etdirəcəklər. İndi bilmirəm bizim təklifimiz nədir? Özləri də çox həyasız və ədəbsiz adamlardınə – söylədikdən sonra mənə zəng edib: – Buyurduqlarınıza tamamilə əməl olundu, onlar öz dediklərini məcburən qəbul etdirmək üçün evimizə gəlmək istəyirlər. Fikriniz nədir? – soruşdu. – Qapıda duran sərbazlara tapşırın ki, içəri buraxmasınlar. İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın! Yerinizdə möhkəm oturun! Onlar istəyir ki, qarətin məsuliyyətini İran hökumətinin üzərinə qoysunlar, siz bilirsiniz ki, erməni məhlələrində qarət başladığı zaman bu qarət başqa məhlələrə də sirayət edə bilər. Fitnəçilər və şərarətçilər belə bir fürsəti çoxdan bəri gözləyirlər. Çar təbəələrinin qarət və talan olunması da mümkündür, çünki qarətçilər pasport və ünvan soruşmadan bilafərq qabağına gələni qarət edə bilər. Bununla da Təbrizdə təzə bir fəlakət baş verər. Mən bu sözləri dedikdən sonra sərdar Rəşid: – Çox məmnun oldum. Bizi xatirdən çıxarmayın - deyərək dəstəyi yerinə qoydu. Aradan bir saat keçmədən iyirmi nəfər piyada əsgər və on nəfər atlı sərdar Rəşidin qapısında dayandı. Helmi bəylə yavəri faytondan düşüb, qılınclarını yernən sürüyə-sürüyə qapıya yanaşdılar. Onlar içəri girmək istərkən qapının sağ və solunda duran sərbazlar əsgəri nizam alaraq tüfənglərinin nizələrini irəli uzatdılar və: – İcazəsiz içəri girmək olmaz! – deyə onları saxladılar. Helmi bəy acıqlanaraq əsgərlərinə qışqırdı: – Alın bu gəvəzə hərifləril Haydı hərbi həbsxanayə götürün! – dedikdə əsgərlər irəli gəlib sərbazları tutmaq istərkən, dəhlizdən və bayırdan yüzə qədər silahlı irəli gəldi, Helmini və onun əsgərlərini mühasirə etdilər və Helmidən başqa hamısını tərk-silah elədilər. Helmi bəy vəziyyəti belə gördükdə heç bir söz demədi, başını aşağı salıb qayıtdı və yavərinə müraciətlə: – Yetər, yavrum! dedi. Məsələ aydındır. Əcəm də bizi aldatdı. Fayton yola düşüb getdi, tərk-silah olunmuş və atları alınmış əsgərlər də qayıdıb qışlalarına getdilər. * * * Kiçik Siqqətülislam Biz rusların mühüm bir qüvvə ilə Təbrizə qayıtmaq xəbərini alanda həddindən artıq rahatsız olduq. Çar xidmətində olan baron Cəbrayılın asorilərdən mütəşəkkil bir silahlı dəstə düzəltdiyi də bizə məlum idi, Biz ruslarla osmanlıların şəhər daxilində müharibə etməsini istəmirdik, çünki osmanlılar məğlub olduğu zaman evlərdə gizlənəcək və şəhərin zərərdidə olmasına imkan yaradacaq idi. Onlar məğlubiyyət ərəfəsində şəhəri qarət edib çəkilə də bilərdilər. Buna görə də hər necə olursa olsun ruslar gəlməmiş Helminin dəstəsini Təbrizdən çıxarmalı idik. Son günlər Helmi bəy kürd ağalarının və Azərbaycan xanlarının intizarını çəkirdi. O özünə vədə verilən qüvvəni alar-almaz həm bizimlə hesablaşacaq, həm də Təbrizi lazımi qədər qarət eləyəcək və Qafqaza hücum edəcəkdi. Biz isə Helmiyə bu cür köməyin gəlməyəcəyini bilirdik, çünki onlar Miyandab, Marağa və Savucbulağı qarət etməklə hamının nifrətini qazanmışdılar, buna görə də Mirzağa Bülluri Helmini və İbrahim Fovzini vədlərlə doyururdu: – Bu gün Ələkbər xan Sövlətildövlə Qaradağdan beş min atlı ilə hərəkət edibdir. – Bu gün Böyük xan səkkiz min atlı, on topla Əhərdən Təbrizə yola çıxmışdır. – Əmir Əşairin yığdığı dörd min atlı Xalxaldan hərəkət edibdir. Verilən vədlərə görə on günün içərisində Təbrizə əlli minə qədər atlı qoşun yığılmalı idi, zahirdə isə Təbrizdə ancaq doqquz yüz nəfərə qədər başıpozuq və intizamsız bir dəstə var idi ki, bu dəstəni ruslarsız da baron Cəbrayılın düzəltdiyi asori dəstələri dağıda bilərdi. Bunun üçün də biz rəsmi olmasa da, bəzi yaxın tanışlar vasitəsilə Hacı Mirzağaya vəziyyətin qorxulu olduğunu anlatmışdıq. Biz onlara əllərindəki qüvvəti nahaq qırdırmamaq üçün müharibəsiz İran sərhədindən keçib getmələrini məsləhət görmüşdük. Lakin onlar öz xurcunlarını qran pul ilə doldurmaq üçün hələ də Təbrizdə qalmağa çalışırdılar. Sərdar Rəşid vasitəsilə verdiyimiz tələblərin ifasını da bu günə, sabaha salırdılar. Nəhayət, İnqilab komitəsi onlara qəti və şiddətli bir məktub göndərdi: Rus qoşunlarının Təbrizə hərəkət etməsi və baron Cəbrayılın asorilərdən silahlı dəstələr düzəltməsi Təbrizi gələcəkdə müharibə səhnəsi edə bilər. Buna görə də Təbrizi boşaltmaq üçün sizə bir gün möhlət veririk. Göstərilən müddətdə bu təklifə əməl olunmazsa, sizi silah gücünə Təbrizdən çıxarmağa məcbur olacağıq. Müdafiə komitəsi». Helmi bu məktubla vəziyyətin nə qədər çətin olduğunu anlamışdı, onun qərargahından aldığımız məlumatda Helminin Hacı Mirzağa Büllurini söyüb: cPəzəvəng oğlu, bizi quru vədlərlə doyurdunl Nerədə sənin vədə verdiyin canlı qüvvə?ə – deməsi xəbərləri gəlirdi. Bu məktubu alandan sonra Helmi və Mirzağa Təbrizdə inqilabçı ruhanilərə və o cümlədən 11-ci ildə Səməd xan tərəfindən edam edilmiş böyük Siqqətülislamın oğlu kiçik Siqqətülislama muraciət etdilər. Onlar öz müraciətnamələrində yazırdılar: dİslamı çar müstəmləkəçiləri əlindən qurtarmaq üçün Təbrizə girən qoşun dəstələrinin öz müqəddəs vəzifəsini yerinə yetirməsinə imkan vermirlər. Bu dəstənin əleyhinə mütəşəkkil və silahlı bir dəstə düzəlmişdir. Əleyhimizə düzələn bu dəstə bütün qüvvəsi ilə bizi yerli xalqın maddi və mənəvi yardımından məhrum etməyə və bizi məğlub etdirməyə çalışır. Bu qüvvə indiyə qədər bizim lehimizə işləyən yerli hökuməti də əleyhimizə qaldırıb. Dəstəmizin nəfərlərini döydürmək və zabitləri təhqir etmək, silahlı qüvvəmizi tərk-silah eləmək kimi uyğunsuz hadisələr də baş verməkdədir. Təbriz ruhaniləri islam məmləkəti daxilində islam ordusuna qarşı rəva görülən bu uyğunsuz hərəkətlərin qarşısını almağa çalışmalıdır. Bu gün o qüvvənin başçıları bizə Təbrizi boşaltmaq üçün ultimatum vermişlərdir. Bizimlə onların arasındakı ixtilafı həll etmək üçün müştərək bir iclas çağırmağınızı arzu edirikə. Helminin məktubu ilə bərabər Hacı Mirzağa Büllurinin özü də Siqqətülislamın yanına gedərək, məsələnin nə qədər ağır olduğunu və özlərinin çıxılmaz bir vəziyyətdə qaldıqlarını anlatmış və ixtilafın təsviyə olunmasını rica etmişdi. Biz Siqqətülislamın evində gündüz saat 11-də çağrılmış iclasa getmək üçün saat 10-da dəvətnamə almışdıq. İclasda bizdən beş nəfər, onlardan isə Helmi, İbrahim Fovzi, Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi iştirak edəcəkdi. Biz sərdar Rəşidin də yerli hökumət nümayəndəsi olmaq sifətilə iclasda iştirakını təklif etdik. Sıqqətülislam dərhal sərdar Rəşidin çağırılması üçün adamını göndərdi. İclasda silahlı qüvvə yox idi, silahlı olan yalnız Helmi bəyin yavəri idi. Bunun müqabilində də bizim tərəfdən gələnlərin sırasında əl bombası və tapançalar var idi. Helmi iclas salonuna girən kimi qabaqca Siqqətülislamın əlindən öpdü və başqaları ilə də görüşdükdən sonra mənim əlimi sıxıb yanımda oturdu. Məclisi Siqqətülislam bu sözlərlə açdı: – Yeddi ildir ki, bütün İran məmləkəti, o cümlədən Azərbaycan əyaləti də hadisələr ocağına çevrilmişdir. Təbrizlilər fəlakət və həqa- rətin ən ağır şəraiti altında yaşamaqdadır. Bizim gördüyümüz acı gün- ləri tarixdə heç kəs görməmişdir, bizim verdiyimiz qurbanların mislini heç bir kəs verməmişdir. Təbriz xalqının varlığına vurulan tarixi yaralar da hələlik sağalmamışdır. Top güllələrindən yıxılan binalar indi də təmir edilməmişdir, evlərdəki yaslar, matəmxanalar yığışdırılmamışdır. Hələlik anaların, bacıların əynindən qara paltarlar çıxarılmamışdır. Buna görə də bizə kömək etmək və qardaşlıq əlini uzatmaq şüarı ilə Təbrizə gələn din qardaşlarımız bizi ikinci bir əmr-vaqsii qarşısında qoymamalıdır. Artıq ikinci təhlükənin öhdəsindən gəlmək üçün Təbriz xalqının imkanı yoxdur, çünki biz özbaşımıza deyilik, mərkəz vardır, biz hazırda mərkəzin fikrini bilmirik, bəlkə də, cənab sərdar Rəşid bizə mərkəzin fikri barəsində məlumat verər. Sərdar Rəşid danışmaq istəmirdi, çünki, o, hər iki tərəfin zərərinə danışmaqdan çəkinirdi. Lakin Siqqətülislamın sözlərini cavabsız buraxa bilmədiyindən danışmağa məcbur oldu və: – Xartciyyə vəziri və baş vəzir Müstofilməmalik cənabları da Tehrandakı alman-osmanlı səfirlərinə bu barədə protest vermişlər, bizə də bu hərəkatda bitərəf qalmaq barəsində düsturuləməl göndərilmişdir, – dedi və o tərəf-bu tərəfə baxaraq, qorxa-qorxa əlavə etdi: – Yerli xalqın hüququnu, malını, canını müdafiə etmək barəsində mərkəzdən bizə göstəriş vardır. Buna görə də bəndə cənab komandana bir müraciət məktubu da yazıb bir çox tələblər vermişəm, Təbriz şəhəri içərisində müharibəyə imkan verməməsini bildirmişəm. Lakin cənab Helmi bəy bizim bir çox tələblərimizə cavab vermədiyi kimi, bu tələbimizə də cavab verməmişdir. Zənnimcə, həmin bugünkü iclasda o məsələlər həll olunacaqdır. Sərdar Rəşiddən sonra Helmi bəy başqalarının danışmasına imkan verməmək və məsələni dərinləşdirmək üçün müctəhiddən söz alıb danışdı: – Biz Azərbaycan sərhədini keçdiyimiz zaman düşmən bir məmləkətə yox, dost və qardaş bir xalqın köməyinə gəldiyimizi zənn edir və buna görə də böyük qurbanlar verməkdən çəkinmirdik. Biz verdiyimiz qurbanların və sərf etdiyimiz milyonlarca lirələrin hədər getməyəcəyini düşünür və özümüzün Təbriz xalqı tərəfindən çiçəklərlə qarşılanacağımızı zənn edirdik. Lakin bizim bütün düşüncələrimiz əksinə nəticə verdi. Qardaş azərbaycanlılar bizi çiçəklə yox, nifrət və lənətlə qarşıladı, bizi qardaş kimi yox, bir düşmən kimi istiqbal etdi. Təbriz xalqı bizə kömək vermək əvəzinə, nüfuzumuzun düşməsinə, silahlı dəstəmizin pozulmasına çalışdı, əsgərlərimizi təhqir etdi, onlar zabitlərimizi tərk-silah etdi, onlar bizim üzərimizə gül dəstələri yerinə bombalar atdılar. Nəhayət, onlar bizə öz simalarını lazımınca tanıtdıracaq bir məktub da yazdılar. – Helmi bu sözləri deyərək portfelindən Təbrizi boşaltmaq üçün göndərdiyimiz məktubu çıxarıb müctəhidə verdi. – Buyurub baxınız, belə bir məktubu qardaş bir hökumətin ordusuna yazmaq islamın şərəfinə yaraşarmı? Yenə də deyirəm, hərgah ruhani atadan və Təbriz xalqından qəti və səmimi yardım olursa, biz tanrının yardımı ilə yalnız Azərbaycanı deyil, Qafqaz islamlarını da çar qüvvələri əsirliyindən qurtara bilərik. Siqqətülislam Helminin sözlərindən mütəəssir olmuşdu, onda Helmini haqlı çıxarmaq üçün bir dönüş vücuda gəlməyə başlamışdı, bunun təsiri ilə də o mənə müraciət edib: – Buna sizin sözünüz nədir? – dedikdə mən: – Birinci növbədə cənab Helmi bəyin Təbriz xalqı haqqında dedikləri böhtanları rədd etmək istəyirəm, – dedim. – Təbriz xalqı Təbrizə gələn dəstənin həqiqi simasını təyin etmədən onların istiqbalına çıxdı, onları özlərinin ümid etmədikləri bir tərzdə csalavatə və cyaşasınə səsləri ilə Təbrizə daxil elədi. Təbriz xalqı onlara şəhərin ən gözəl binalarında yer verdi. Təbrizlilər özlərinin aclıq və yoxsulluğuna baxmayaraq, gələn qoşunun məsarifini də öz öhdəsinə götürmüşdür, buna görə də Helmi bəyin «Milyon lirə sərf olunmuşdum deməsi də yersizdir. İndi Helmi bəyə sual verirəm, bunların hansı birisi doğru deyil? Helmi bəy bunu inkar edə bilmədi. – Tamamilə doğrudur, – dedi. Mən yenə də ona sual verdim: – Təbriz xalqı bu ehtiram və təntənənin əvəzində sizdən nə kimi bir mükafat aldı? Helmi bəy bu sualın cavabını verə bilmədi, nəhayət, yenə mən özüm danışdım: – Əlbəttə, Helmi bəy bu utandırıcı suala cavab verə bilməz. Bu hörmətin əvəzində Helmi bəyin «xəlifə ordusu nəfərləri» küçəyə çıxan Təbriz qadınlarını tutub öz mənzillərinə çəkmək istədi. Helmi dəstəsi özlərini csalavatə və cyaşasınə səsləri ilə qarşıladığı bir şəhərə süngü və top gücü ilə alınmış bir şəhərə girən kimi girdi. Helmi bəyin dəstəsi bir güllə atmadan təslim olan şəhərdən 70 min tümən təzminati-hərbiyyə istəyir, onlar Hacı Mehdi Kuzəkünanini həbs edib, 15 min tümən alıb buraxdı, xalqın evlərinə soxulub, atını və nəqliyyat vasitələrini çəkib apardı. Təbrizə gələnlər heç bir günahı olmayan erməniləri qarət etməyə hazırlandılar. Onlar bu xəyanətdə yerli hökumətin də iştirak etməsini əldə etməyə çalışdılar. Buna görə də Təbriz xalqı bunların kömək yox, talan və qarət üçün gəldiklərini təyin edə bildi və bunlardan üz döndərdi, bunlara düşmən kimi baxmağa başladı. Bu saat cənab müctəhid «Helmi bəyin dəstəsindən kim razıdırsa, əlini qaldırsın?ə – deyə elan edərsə, bütün Təbrizdə ancaq Hacı Mirzağa Bülluridən başqa heç kəs əlini yuxarı qaldırmaz, çünki həmin bu aşı cənab hacının özü bişirmişdir. Biz eyni zamanda cənab Helmi bəyə məsləhət görürük ki, əlində olan bir ovuc qüvvənin tələf olmasına imkan verməsin, çünki Tiflis və Culfadan Təbriz üzərinə mühüm bir rus qüvvəsi göndərilmişdir. Hərgah Helmi bəy şəhərin içərisində özünü müdafiə etməyi düşünürsə, biz buna imkan verməyəcəyik, bunun üçün də sizdən şəhəri boşaltmağı tələb etmişik. Hacı Mirzağa Bülluri, Kəblə Hüseyn Fişəngçi heç bir söz danışmadı, ancaq Helmi bəy söz alıb şikayətedici bir tərzdə dedi: – Madam ki, Təbriz xalqı bizim qardaş köməyimizi təqdir etmədi, o zaman bizə iki gün möhlət verin, çünki Təbrizdən Qafqaza hərəkət etmək üçün dəstənin hazırlığı bitməmişdir. Lakin cənab müctəhid söz verməlidir ki, biz ruslarla qarşı-qarşıya gəldiyimiz zaman Təbriz xalqı bizi arxadan vurmayacaq. Müctəhid buna söz verdi. * * * Axtarışlar Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi. Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar. İkinci məsələ sərdar Rəşidin evinin axtarılması və onun son günlərdə oynadığı rolların nədən ibarət olmasını aydınlaşdırmaqdan ibarət idi, çünki biz sərdar Rəşidin sirlərini əldə etmədiyimiz və onu özümüzə təslim etdirmədiyimz təqdirdə o, ruslar Təbrizə gəldikdən sonra bizi çar konsulu vasitəsilə məhv edə bilərdi, əlbəttə, o bizim gizli təşkilat başında durduğumuzu artıq bilmişdi. O bizim silahlı dəstəmiz olduğunu bilirdi, o bizim sirlərimizi öyrənmişdi, inqilab komitəsinin başında kimlərin durduğundan xəbərdar idi. Mən sərdar Rəşid hökumət dairəsində olduğu zaman Mahru xanımı telefona çağırdım. Şərtimizə görə Mahru danışanın özü olduğunu mənə bildirmək üçün iki kərə 4Bəli, bəli işarəsi verməli idi. Mən də Xanım telefona zəhmət çəkə bilərmi?) – deyə işarə verməli idim. Mən dəstəyi götürüb səsləyən kimi qadın səsi gəldi və Bəli, bəli sözlərini eşitdim. Mən dübarə: – Telefonda kimdir? – dedikdə yenə də Mahrunun zərif səsini eşitdim: – Mahrudan başqa kim ola bilər? Siz kimsiniz? – Sizin səmimi dostunuzdur. – Əbülhəsənbəydirmi? – Hərgah bu ad sizi maraqlandırırsa, bir daha təkrar edirəm. Bəli, Əbülhəsənbəydir. – Adınızın məni maraqlandırdığını özünüz məndən daha yaxşı bilirsiniz. – Telefonla ancaq bu qədər danışmaq mümkündür, sizinlə birlikdə oturub danışmaq istəyirəm, – dedikdə Mahru: – Mümkündür, – deyə cavab verdi. – İndi bu saat bizə gələ bilərsinizmi? – Bu saat gələrəm. Bu söhbətdən yarım saat keçmədən Mahru xanım faytonla gəldi. O bu gün tələsirdi, buna görə də yerə oturan kimi dedim: – Mahru bacı, sizi bura ən mühüm bir işdən ötrü çağırmışam. Sərdar Rəşidin portfelindəki hökumət möhrü bizə lazımdır. Mahru bir az düşündü, sanki bu söz ona çox yersiz gəlirdi, buna görə də mənə sual verdi: – Mən o möhrü götürüb buramı gətirməliyəm? – Xeyr! – dedim. – Onu sərdar Rəşidin boş blanklarının üstünə basıb bizim üçün gətirməlisən. Bizim ona bərk ehtiyacımız vardır. – Bu mümkündür. Nə qədər olsun? – Hərgah onun blankları çoxdursa, on dənəsinə möhür vurub gətirərsiniz, hərgah azsa, götürüldüyü şübhə doğrurarsa, bir-ikisini gətirdin. – Sabah saat 9-da onları burada təhvil ala bilərsiniz. İndi də məni eşidin: sərdar Rəşid Helminin dəstəsi barəsində Qafqaz canişininə və Tiflisdə olan çar konsuluna təfsilən məlumat göndərdi, onların burada çətin və çıxılmaz bir vəziyyətdə qaldıqlarını xəbər verdi. Onların xalqı qarət etməsi və incitməsi, buna görə də xalqın köməyindən məhrum olması və sair işləri teleqramla yazıb bildirdi. Nə cürə siyasətdirsə anlamıram, ancaq sizin barənizdə çar konsuluna çox müsbət məlumat vermişdir. Məlumatda göstərilmişdir ki, hərgah Əbülhəsənbəy yerlilərdən cözünümüdafiəə dəstəsi düzəltməsə idi, başıpozuqların başçılarını qorxudub tərk-silah etdirməsəydi, onlar Təbrizi qarət edəcəkdi. O sizin yalnız şəhərin müsəlman hissəsini deyil, erməniləri də qətl-qarətdən mühafizə etdiyinizi, qarətləri və cərimələri qaytarmaq və Təbrizi təcili surətdə boşaltmaq üçün onlara qəti tələbnamə verdiyinizi konsula teleqramla bildirmişdir. Mən Mahrunun bu sözlərindən sonra gülərək: – Bunları yazmağa məcburdur, – dedim, – çünki o, bir tərəfdən şəhərin qarət olunması üçün başıpozuqlara kömək vermiş, o biri tərəfdən də bizi həbsə aldırmaq üçün öz evində ziyafət təşkil etdirmişdir. Onun bütün xəyanətlərini isbat edəcək vəsiqələr bizim əlimizdədir, o bütün varlığı ilə bizim əmrimizə bağlıdır, çünki sirlərini əlimizə almışıq, ruslar bura gələn gün biz onu nüfuzdan salar və həbs etdirə bilərik. Erməniləri və rus təbəələrini qırdırmaq və qarət etdirmək üçün çıxarılan qərara da imza etmişdir. Mən bu saat onun yanına gedirəm, ona başqa bir məsələni də təklif edəcəyəm, bu məsələni də ona qəbul etdirsəm, əlini və qolunu hər tərəfdən bağlamış olacağam. İndi siz mənə deyin görüm sərdar Rəşidin sərəncamında silah vardırmı? – Vardır. Bu saat da anbarda dörd yüzə qədər rus və üç yüzə qədər də Avstriya tüfəngi vardır. Bir sandıq da bomba var. – Bunları bilmək istəyirdim. İndi gedə bilərsiniz. Sabah saat 9-da sizi burada gözləyəcəyəm. Bağışlayın, sizə zəhmət verirəm. Salamat qalın. kok Mahru daim olduğu kimi yenə də özünə tapşırılan bu vəzifədən şadlandı. O, vəzifəni sevirdi, onun buna həddindən artıq həvəsi var idi, sanki bu möhkəm iradəli Azərbaycan qızı gizli iş aparmaq üçün doğulmuşdu. Onun üzərində Ninanın da böyük təsiri var idi, Mənə elə gəlirdi ki, bu qızın inqilaba olan bu qədər sıxı rəğbətinə başqa bir məsələ də təkan verirdi. Bu qız inqilabi nəzəriyyə cəhətincə savadsız idi, marksizmdən xəbərsiz idi və sinfi mübarizə yollarını da tanımırdı. Buna görə də bizim qarşımızda belə bir sual dururdu: bu qız nə səbəbə görə inqilaba kömək edir?1 Məncə, Mahrunu lazımınca öyrənə bilən hər bir adam yuxarıdakı suala belə bir cavab verə bilərdi: – Mahru inqilabçı deyil, lakin o, inqilabı sevir, çünki inqilab azərbaycanlıları müdafiə edir, onlar üçün azadlıq ümidi verir, çünki inqilabçılar yoxsulların və əzilənlərin dostudur. Eyni zamanda inqilab onun böyük düşməni olan sərdar Rəşidin də düşməni idi. Bütün bu səbəblər Mahrunu inqilabçılara bağlamışdı. Bu qızın gələcəyi bizə böyük ümidlər verirdi və biz onun daha geniş inkişafına inanırdıq. Lakin onun yaşadığı hazırkı həyat onun diriliyini təhlükə altına almışdı. Sərdar Rəşid onun başqasına ərə getməsinə imkan vermirdi. Bacı, bacı? deyə çağırdığı bu qıza sahiblənmək və onu öz şəhvətinə qurban etmək istəyirdi. Ona bir neçə kərə təcavüz etmək istəmiş, qız özünü onun əlindən silah və tapança gücünə qurtara bilmişdi. Qız bizim ona verdiyimiz öyüdlər, nəsihətlər, ümidlər nəticəsində yaşayırdı. O, intihar edəcəyi haqqında bir neçə kərə Ninaya işarətlər vermişdisə də, Nina onu bu fikrindən qaytarmışdı. Lakin bizim ona verdiyimiz vədləri həyata keçirmək çox çətin idi. Onu sərdar Rəşidin əlindən almaq vaxtı hələ yetişməmişdi. Onun bizimlə tanış olması da bu işə mane olurdu, onu bir tərəfə qaçırsaq, yaxud bir kəsə ərə versəydik, sərdar Rəşid bunu bizdən görəcəkdi. Onsuz da İraidanın qaçmasında o bizdən şübhəli idi. Faytonun qoşulmasını tapşırdım. Sərdar Rəşidlə görüşmək lazım idi. Ona əvvəlcə telefonla görüşmək istədiyimi bildirdim. O, bundan razı qaldığını bir neçə kərə təkrar etdi. Mən hökumət dairəsinə gəldiyim zaman Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçinin də qapıda durub icazə gözlədiklərini gördüm, lakin bizim tapşırığımıza görə sərdar Rəşid onların içəri girməsinə icazə verməmişdi. Onlar məni görən kimi istər-istəməz salamlaşdılar, lakin mən artıq dayanmayaraq qapıya yanaşdım, sərbaz yol göstərib cbuyurunə dedi və mən içəri girdim. Sərdar Rəşid məni gördüyü zaman sanki sevindi və yanındakılara: – Ağalar, mürəxxəssiniz! – deyərək kabineti boşaltdı. Mən onun əhvalını soruşdum: – Həzrət əşrəf özünü nə cür hiss edir? ” Sərkarın mərhəmətindən çox yaxşıyıq. Həqiqətdə sizin bu son hadisələrdə bizə və rus hökumətinə olan xidmətiniz fövqəladə bir xidmətdir. Mən bunu, öz yanımızda qalsın, konsul cənablarına və mərkəzə də xəbər vermişəm. Siz İran hökumətinin namusunu və xalqının heysiyyətini müdafiə etdiniz, biləks xalq bərbad olacaqdı, Allah-taala sizi bizə bir nemət kimi çox görməsin! Mən məqsədim üçün giriş əldə etdiyimdən sözə başladım: – Mən də sizin bir para səhvlərinizi nəzərə almayaraq, son günlər çox məqul və namuslu hərəkət etdiyinizi təsdiq edirəm. Bu barədə fürsət düşəndə cənab general-konsulla da söhbət edəcəyəm. Sərdar Rəşid burada mənim sözümü kəsərək: – Burası cənab sərkarın iltifatından asılıdır. Mənim konsul cənablarının yanında olan hörmətim də sizin başınızın ucalığıdır, – dedi. Sözümə davam etdim: – Mənim də bura gəldiyim həmin məsələ üçündür. Mən istəyirəm ki, bizim son günlər göstərdiyimiz fəaliyyət və Təbrizi müdafiə edib qarətdən qurtardığımız barəsindəki müvəffəqiyyətlər həzrət əşrəfin adına və şəxsiyyətinə məxsus olsun, bizim bütün təşəbbüslərimiz həzrət əşrəfin xüsusi təşəbbüsü kimi qeyd olunsun: belə olursa həm Tehran hökuməti, həm də cənab genaral-konsul sizin bu son hadisələrdəki dəyərinizi və məqul siyasət apardığınızı qeyd edər. Siz bunu təqdir edirsinizmi? – Xeyli məqul təşəbbüsdür. Bu, yenə də ağanın bizə olan sadəqətindən asılıdır. Bizim şərəfimiz sizin şərəfinizdir. Bizim namusumuz sizin namusunuzdur. – İndi həzrət əşrəfə öz təklifimi etməzdən əvvəl bir sual da vermək istəyirəm, çünki edəcəyim təklifin həyata keçirilməsi sizin mənə yüz faiz inanmağınızdan asılıdır. – Cavan qardaşımın qəbrinə, Mahrunun canına and içirəm ki, mən cənab sərkara öz gözüm kimi inanıram. – İndi ki, inanırsınız, məni çox diqqətlə eşidin. Sizə məlumdur ki, biz Təbrizi sizdən və başqalarından yardım almadan belə müdafiə etdik, bizim əlimiz tamamilə boş idi. Siz bilirsiniz ki, Hacı Səməd xan Təbrizi tamamilə tərk-silah etmişdir, biz boş əl ilə beşon nəfər məhlə uşaqlarından başımıza yığıb böyük bir dəstəni qorxutduq. Əvvəlcə tövlələrdən at çəkən əsgərləri döydürdük, sonra sizin ziyafətinizdə onların özünü tərk-silah etdik. Burada cəmi on nəfər iştirak edirdi. Lakin Helmi bəy bunu mən deyən kimi bilmirdi, onların zənnincə, Təbrizi başdan-ayağa müdafiə üçün silahlandırmışdıq. Bunu yalnız onlar deyil, sabah-birigün cənab genera!-konsul da Təbrizə gəlsə, Təbrizdə gizli və silahlı bir qüvvətin mövcud olduğunu hiss edəcək, bizdən şübhələnəcikdir, ola bilər ki, bizdən dörd min, beş min adamın silahını da istəsin. Bunun kimi də Tehran hökuməti sizi məzəmmət etməyə haqlıdır, çünki sizin vücudunuzla bərabər, Təbrizdə gizli təşkilat və gizli hərbi qüvvə olduğunu söyləyəcək və sizi məzəmmət edəcəklər. Bunun qarşısını almaq üçün də siz cözünümüdafiəəp komitəsi adına üç yüz tüfəng, bir miqdar patron, on dənə də bomba buraxılmasına əmr yazasınız. Biz o silahları cənab general-konsul Təbrizə gəldiyi zaman gətirib sizə təhvil verərik. Bu təşəbbüs həm sizin Təbrizi müdafiə işindəki müvəffəqiyyətinizi təmin edər, həm də bizi gələcəkdə konsulun və mərkəzi hökumətin şübhəsi qarşısında qoymaz. Bu fikri bəyənirsinizmi? – Bəyənirəm, lakin qorxuram ki, o zaman camaatdan silahları yığmaq mümkün olmasın. – Camaat kimdir? Camaat dediyiniz bir həzrət əşrəf, bir də mənəmil Silahlar bir anbardan çıxarılıb yenə də başqa bir anbarda sizin və mənim ixtiyarımda qalacaqdır, sonra da onları gətirib «camaatdan yığdıq? deyə həmin anbara təhvil verəcəyik. Sərdar Rəşid bu fikri bəyəndi və əmrnamə yazdı, əmrnamənin tarixini isə on gün əvvəldən qoydu. Mən əmrmaməni aldım, gecə qaranlıq düşdükdə silahlar və patronlar anbardan çıxarılacaqdı. Sərdar Rəşidlə vidalaşıb dışarı çıxdıqda yenə də Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçini qapıda gördüm. ci Son günlər Almaniyanın İranı hər necə olursa-olsun dünya müharibəsində iştiraka cəlb etmək istəməsi xəbərləri ağızdan-ağıza gəzirdi. Helminin bu dəstə ilə Təbrizi işğal etməsi də, İranın Rusiya əleyhinə olaraq bitərəfliyini pozmaq demək idi. Təbrizdə cavan şahın az bir para müqabilində almanlara satılması söhbəti də var idi. Buna görə də Əbülfət Mirzənin evində bu xəbərləri təsdiq edə biləcək vəsiqələrin əldə edilməsinə ümid edirdik. Son günlər Təbrizdən alınan xəbərlərə görə İran hökuməti və sədri-əzəm Müstofilməmalik rusları güzəştə məcbur etmək üçün Almaniya dövlətinə rəğbət bəsləməyə başlamışdı. Hazırda Əbülfət Mirzənin evinin axtarılması Təbrizdə sərdar Rəşidin mövqeyini də laxladar və Tehranda özünə qarşı fəna təsirlər yarada bilərdi. Gecə saat biri keçmişdi. Başda Kazımzadə olmaq üzrə dörd nəfər Əbülfət Mirzənin yaşadığı binanın həyətinə düşdü, həyəti birinci növbədə lazımi qədər yoxladılar, çıxacaq yer yox idi, Telefonun simlərini kəsdilər, nökərlər, xidmətçilər yatan otaqların qapılarını eşikdən bağlayıb yanında qarovul qoydular, sonra da Əbülfət Mirzə və ailəsi yaşayan otaqların dəhliz qapısını vurdular. Dəhlizdən bir səs eşidildi: – Qulamhüseyn, nə istəyirsən?1 Nə üçün ağanın rahatlığını pozursan?l Şübhəsizdir ki, dəhlizdən səslənən qadın nökərlərdən Qulamhüseynin qapını döyməsini zənn edirdi, buna görə də Kazımzadə cavab verdi: – Xanm, qapını döyən hökumətdir, qapını açın. Qadın: – Qoyun Əbülfətə xəbər verim, – deyərək getdi. Bu adam Əbülfət Mirzənin qoca dayəsi idi. Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı, o heç də həyəcan göstərmirdi, çöhrəsində heç bir qorxu əlaməti də yox idi, çünki onun İran hökumətindən və Azərbaycan valisi sərdar Rəşiddən heç bir qorxusu yox idi. Sərdar Rəşid özünü hər bir kiçik qüvvənin və az bir paranın sərəncamına verməyə hazır olduğu kimi, Almaniyanın da sərəncamına verməyə hazır idi. Əbülfət Mirzə qapını açan kimi qarşısında böyük rütbəli bir İran məmurunu və iki polis nəfərini gördü. O, bir neçə saniyə qapıda dayananları diqqətlə nəzərindən keçirəndən sonra: – Ağalar nə üçün təşrif gətiriblər? – dedi. Kazımzadə: – Cənab şahzadənin evini, bəzi gizli vəsiqələrlə tanış olmaq üçün təftiş edəcəyik. Əbülfət Mirzə çox təəccüblə soruşdu: – Mənim evimi təftiş? – Bəli, cənab şahzadə, sizin evinizi təftiş!.. – Sizi kim göndərmişdir? – Bizi həzrət əşrəf sərdar Rəşid cənabları göndərmişdir. – Ola bilməz. Bəlkə, sizi Lilavalı Əbülfət xanın evini təftiş etməyə göndəriblər? – Xeyr, əmrmamədə sabit alman konsulxanası katibi cənab şahzadə Əbülfət Mirzə yazılmışdır. – Hanı o fərman? Mən fərmanı görməyincə sizi evə buraxmaram. Kazımzadə: – Bu saat hökumətin möhrü ilə möhürlənmiş fərmanı sizə göstərim, – deyərək qoltuğundakı qovluqdan fərmanı çıxarıb verdi. Əbülfət Mirzə yanındakı qoca qadına müraciətlə: – Çeşməyi gətir! – dedikdə qadın başı titrəyə-titrəyə getdi. Əbülfət Mirzə isə öz-özünə danışırdı: – Mən heç nə anlaya bilmirəm, biz onunla bu axşam görüşüb danışmışıq, bu barədə mənə heç bir söz də buyurmayıbdır, bu nə deməkdir?l Bu mənim yaxşılıqlarımın mükafatıdırmı? Bu da dostluğun qaydasıdırmı? Gecənin yarısında mənim evimi təftişə göndərməyin nə mənası vardır? Sabah ona Tehran nə deyər? Lələ çeşməyi gətirdi, Əbülfət Mirzə əlləri titrəyə-titrəyə aldı, gözünə taxıb oxumağa başladı: Sabiq alman konsulxanası katibi cənab şahzadə Əbülfət Mirzənin evində Rusiya ilə İran hökumətinin dostluq münasibətini pozacaq və İran dövlətinin nüfuzunu düşürəcək vəsiqələrin olmasını təyin etmək üçün Tehrandan daxiliyyə nazirindən əmr alınmışdır. Buna görə də əmmnamənin həyata keçirilməsinə və məzkur vəsiqələrin əldə edilməsinə əmr edirəm. Sərdar Rəşidə. Əbülfət Mirzə çeşməyi gözündən çıxarıb: – Eybi yoxdur, qoy axtarsınlar, – deyərək Kazımzadəyə muraciət etdi. – Cənab sərtib), bu fərman bəndədə qala bilərmi? Kazımzadə əsgəri nizam alaraq: – Bəli, cənab şahzadə, fərman bir vəsiqə olaraq sizin əlinizdə qalmalıdır. Əbülfət Mirzə çox qorxa-qorxa Kazımzadəyə müraciətlə: – Cənab sərtib, indi buyura bilərsiniz, – dedi. Böyük bir salona girdilər. Əbülfət Mirzə Kazımzadəyə müraciət etdi: – Cənab sərtib, əyləşin, – dedi, – təftiş nə üçün lazımdır? Sizin özünüzmü təftiş edəcəksiniz və yaxud bəndə özüm sizə istədiklərinizi gətirməliyəm? – Əvvəla, budur ki, siz öz evinizdə olan bütün vəsiqələri gətirib göstərməlisiniz. – Nə kimi vəsiqələri? – Sizin özünüzə və alman konsulxanasına aid vəsiqələri, bir parçasına qədər gətirməlisiniz. Əbülfət Mirzə qalxdı, ipək pərdəni qaldırdı, oradakı yorğan-döşəyin içərisindən ağzı möhürlənmiş bir kisə çıxardı və qəti bir səslə: – Alman konsulxanasının vəsiqələri bundan ibarətdir, – dedi. – Hərgah sərdar Rəşidin özü bunları məndən istəsəydi kamal-məmnuniyyətlə aparıb göstərərdim. Əlhəmdülillah biz özümüz bu məmləkətin xeyirxahlarındanıq. Yenə də Kazımzadə hərbi vəziyyət alaraq: – Cənab şahzadə, belədir ki, buyurursunuz, – dedi. – İndisə, hərgah zəhmət deyildirsə, cənab şahzadənin şəxsi məktub və şəxsi vəsiqələrini gətirin. Bu sözdə şahzadə təbil halından çıxdı: – Bəndeyi-xuda, mənim xüsusi vəsiqələrim və məktublarımla nə işiniz vardır? Mən ki, cani deyiləm, xəyanətkar deyiləm, bir nəfər şahzadənin də barəsində bu təhqiri rəva görmək olarmı? Mən bu saatda sərdar Rəşidə telefon edərəm, bu nə ədəbsizlikdir? Yenə də Kazımzadə etidalını pozmayaraq, bir əsgər kimi təzim etdi: – Cənab şahzadənin ixtiyarı vardır, telefon edə bilərsiniz, – dedikdə Əbülfət Mirzə telefonun dəstəyini götürdü. Lakin telefon danışmırdı, çünki onun simləri kəsilmişdi. 1 Sərtib – polkovnik mənasındadır. Kazımzadə oturub papiros çəkirdi, Əbülfət Mirzə isə telefonun dəstəyini tez-tez püfləyərək, telefonxananı pis-pis söyüşlərlə söyürdü. Nəhayət, üzünü Kazımzadəyə çevirib: – Belə zamanlarda mirasa qalmış telefonlar da işləmir, – dedikdə Kazımzadə cavabında: – Bəli, cənab şahzadə, belə hadisələr çox tez-tez olur, – dedi. – Mən bu saat məktub yazıb cənab sərdar Rəşidə göndərə bilərəmmi? Sizin də mükafatınız gözüm üstündə. – Xeyr, bu, mümkün deyil, bu hərəkət bizim hökumət fərmanını yerinə yetirə bilmədiyimiz deməkdir. Həzrət əşrəf bu barədə bizə icazə verməmişdir. – Siz buna razı olun, mən onun özünü də, sizi də razı salaram, sizinlə də dostluğumuz davam edər. – Cənab şahzadə, vaxtı keçirməyinl Sazişə imkan yoxdur. Sabah həzrət əşrəflə hər barədə danışa bilərsiniz. – Bu olmadı ki?l – Belə də olmalıdır, cənab şahzadə! – Siz bunu sabaha qədər təxirə salmaq üçün... bir bura zəhmət çəkin... Bircə kəlmə deyəcəyəm. – Buyurun, hər nə ki, istəyirsiniz burada da deyə bilərsiniz. – Bəlkə polislərin yanında yaxşı düşmədi. – Eybi yoxdur, buyurun! – Bu işi sabaha qədər təxirə salmağa neçə versəm yaxşıdır? Sən də qulluqçusan, aldığın maaş da məlumdur, sənin də işin düzəlsin, mənim də abrım getməsin. Sözün nədir? Doğru demirəmmi? – Xeyr, cənab şahzadə, təklifiniz heç bir qiymətlə qəbul oluna- «aq təklif deyildir. Rica edirəm bizi yubandırmayın, əks-surətdə biz azad hərəkət etmək məcburiyyətində qalacağıq. – Cənab sərtib, bəs belə niyə? Necə yəni azad hərəkət? Gədə, nə olub məgər, heç böyük-kiçik yoxmu? Kazımzadə qəti bir səslə: – Yubandırmayın, cənab şahzadə! Bizim çox danışmağa vaxtımız yoxdur, – dedi və polislərə əmr etdi. – Evi axtarın! Şahzadə Əbülfət Mirzə bu sözü eşitdikdən sonra qəmli bir surətdə ayağa qalxdı və böyük sandığın içərisindən bir cəbə çıxarıb aralığa qoydu. Kazımzadə yenə də: – Cənab şahzadə icazə versəydi yazı mizinin gözlərini də təftiş edərdik. – Orada heç bir əhəmiyyətli şey yoxdur. Lazımsız kağız-kuğuzdur. – Əhəmiyyətli olmasa da, qiymətli ola bilər. – Qəribə adamlarsınız hal Biryerli deyin ki, siçan deşiyinə qədər axtaracağıq da... – Mümkün olursa eybi nədir?1 Artıq rica yox, əmr edirəm, bir parça kağız qalıncaya qədər gətirməlisiniz, sonra axtaracağıq. Hərgah bir şey tapılsa, həyatınızla məsulsunuz. Bildiniz ki? – Bəli, bildim. – İndisə durub gətirin! – Başına dönüm, çığır-bağır lazım deyil, elə eləyin ki, arvad-uşaq ayılmasın. – Orası sizin rəftarınızdan asılıdır, hərgah övrətlər otağında bir şey varsa, özünüz gətirin, əksinə olursa, bizim özümüz girib axtarmağa məcbur olacağıq. – Yox, yox, elə bir şey lazım deyil. Hər nə varsa özüm gətirib verərəm. Şahzadə hər nə ki, məktub, vəsiqə kağız-filan varsa gətirdi, sonra da yazı masasının yeşiklərini açmağa başladı. Şahzadə oturub boynunu irəli uzatmışdı, Qacar şahzadəsinə öz yazı masasının açılması çox ağır gəlirdi. Masanın orta yeşiyinin açarı yox idi, növbə həmin yeşiyə çatanda Əbülfət Mirzə yenə də açmaqdan boyun qaçırıb: – Cənab sərtib, həqiqətdə orada qabili-təvəccöh heç bir şey yoxdur, – dedi. – Ola da bilər. Lakin açılmalıdır, çünki həzrət əşrəf başqa cürə icazə verməmişdir. – Axı orada qabili-təvəccöh bir şey yoxdur, bizim ailənin və uşaqların şəkilləridir. Hər halda müsəlmanlıqdır, irz-namus məsələsidir, övrət şəklinə baxmaq ki, haramdır, onları naməhrəm əlinə vermək şəriətdə caiz deyildir, əlhəmdülillah müsəlmansınız. – Açmasanız masanı sındırmalıyıq. Polis qılıncı çəkib masanı sındırmaq istədikdə Əbülfət Mirzə cibindən kiçik bir açar çıxarıb verdi: – Alın, belə müsəlmanlıq olmaz! Xalqın bağlı sandığını açmaq heç dində və heç bir şəriətdə caiz deyil. Yeşiyi açdılar, burada bir dənə də olsun vəsiqə yox idi, böyük bir qovluğun içində cürbəcür açıq məktublar və əxlaqsız qadın və kişilərin şəkilləri var idi. Bu vərəqələrdə əxlaqsızın cürbəcür vəziyyətlərini görüncə zabit şahzadəyə müraciətlə: – Cənab şahzadənin ailəsi bunlardırmı? Hərgah bunlardırsa, biz bunları sizə qaytarırıq. – Xeyr! Bəndə bunları ərz eləmədim, – deyərək rəngi qızardı və başını dizlərinə dikib verilən suala cavab verməyə başladı. Nəhayət, yeşikdən qiymətli daşlarla bəzənmiş bir cüt qadın şəkli çıxdı. Bunların başında brilyantlı çıqqalar olduğundan şahzadə xanımlar olması ehtimalı var idi. Əbülfət Mirzə bunları görürkən: – Bunlar əmiqızılarımdır. Şahzadə Zillisoltanın qızlarıdır, – dedi. Doğrudan da, qızlar Zillisoltanın qızları idi. İranda gözəllikdə birinci sayılan və əxlaq pozğunluğunda da şöhrət tapan şahzadə xanımların şəkli idi. Şəklin dalısını çevirib baxdıqda Əbülfət Mirzə: – Şahzadə xanım çox mahir şairədir, – dedi, – şəklin dalında yazılan təsnifi şahzadə xanımın özü yazmışdır. Calibi-məhəbbəti mən Mən düxtəri-Zillisoltanəm, Çiraği-çəşmi-İranəm, Mən ki, zi eşqət heyranəm. Biya-biya nazəm məkun, Biya, ləb məra busə gün. Dər asiman zibayi, Meh münirəm qəmərəm, Bəcanəm, ahəstə bəbus, Bəxuda məşngən kəmərəm./ Şahzadənin yazı masasının yeşiyindən Tehranda nə qədər fahişə varsa onların şəkilləri çıxdı. Müzəffərəddin şahın qızı Tacissəltənədən başlamış, Əziz Kaşi, şahzadə Məlük, şahzadə Zağoli, Ərusi-mühacir, Zəhrayi-Siyah, Nə- i Mən Zillisoltanın qızıyam, İranın gözünün işığıyam, mən ki sənin eşqindən heyranam, gəl, gəl naz etmə, gəl dodaqlarımdan öp. Mən gözəllik səmasının qızıyam, sən mənim canım, yavaş öp, Allahı sevirsən belimi əzmə. ciməddövlə, Qəmərildövlə və sairələrinin yadigar vermiş şəkilləri şahzadənin yazı masasında idi. Mütrüblərdən Əli xan, urmulu Yusif xan, Heydər xan, təbrizli mütrüb Məcidin əli kəmərində alınmış rəsmləri də cənab şahzadənin yeşiyində idi. Vəsiqələri və şəkilləri bir kisəyə doldurduqda Əbülfət Mirzə on səkkiz yaşlarında gözəl bir oğlan şəklini götürüb: – Rica edirəm hər nə istəyirsiniz verim, bunu aparmayın, dedisə də, ricası qəbula keçmədi, bu şəkil keçmişdə Məmmədəli Mirzənin yanında saxladığı Abdin xan Mücəlüssoltanın şəkli idil, * * * Sərdar Rəşidin evində axtarış Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü. Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı. Lakin bizim müvəffəqiyyət qazanmağımız nəticəsində almanlarin bütün planları darmadağın oldu və sərdar Rəşid də aldığı böyük para müqabilində, az da olsa, bir iş görə bilmədi. Bu vəsiqələrdən sonra qarşıda daha başqa bir məsələ dururdu. O məsələ də sərdar Rəşidin Tehranla və rus konsulxanası ilə saxladığı əlaqənin şəklini öyrənməkdən ibarət idi. Buna görə də sərdar Rəşidin evini axtarmaq lazım gəlirdi. Biz öz adımızdan sərdar Rəşidin evini axtarmağı bacarmazdıq, çünki o bizi artıq tanıyırdı. Bizim təşkilatımızı bir çox hadisələr nəticəsində öyrənmişdi. Buna görə də onun evini yenə də Helminin tərəfindən və Helminin adından təftiş etməyi qərara almışdıq. Bunu təxirə salmaq olmazdı, çünki bizim verdiyimiz tələbat nəticəsində, Helmi yığışıb Təbrizdən gedirdi. Artıq dəstənin ağırlıqları Sofyana köçürülmüşdü. Sərdar Rəşidin evinə girmək üçün iyirmi nəfər hazırlanmışdı, bunlar yalnız sərdar Rəşidin evində olan vəsiqələrlə kifayətlənməyərək, onun rüşvət paraları ilə doldurulmuş sandıqlarını da boşaltmalı idi. Təftiş üçün gedənlər Helmi bəyin adından bu məzmunda bir məktub aparmalı idi: «Almaniya mənafeyi uğrunda çalışdığınız üçün sentyabr ayının 21-də Əbülfət Mirzə vasitəsilə aldığınız yüz min tümən paranı təcili surətdə qaytarasınız. Təftiş komisyonuna sizdən paraları almaq və evinizdəki alman əleyhdarlığına dair vəsiqələri götürmək əmri verilmişdirə. İnqilab komitəsinin göstərişinə görə vaxtikən Mahrunu çağırıb bu barədə danışmışdıq, gizli vəsiqələr saxlanılan yerləri, gümüş və kağız paralar saxlanan sandıqları, qiymətli daşlar və cavahiratlar qoyulan cəbələri və sairələri öyrənmişdik. Hərgah sərdar Rəşid bu şeylərin yerlərini göstərməzsə, təftişə gedənlərin özləri belə şeylərin yerini tapmaqda çətinlik çəkməyəcəkdi. Lakin onlara öz hərəkətlərində evin içərsindən xəbər verildiyini hiss etdirməmək qəti surətdə tapşırılmışdı, çünki burası Mahru haqqında şübhə doğura bilərdi. Bizi düşündürən başqa bir məsələ də var idi: sərdar Rəşidin evi Əbülfət Mirzənin evinə bənzəməzdi, bu qapıda nökərlər, sərbazlar və sairələri dururdu. İçəri girmək üçün çarə tapmaq lazım idi. Çox düşündükdən sonra yenə Əbülfət Mirzənin adından istifadə etmək qərarına gəlmişdik. Gecə saat 12-də Şəfi Şabanzadə bir nəfər yoldaşla sərdar Rəşidin qapısına yanaşacaq və Əbülfət Mirzənin adı ilə içəri girəcək idi. Belə də oldu. Şabanzadə qapıda duran qarovula yanaşaraq: – Get, həzrət əşrəfə xəbər ver ki, Əbülfət Mirzə onun hüzuruna müşərrəf olmaq istəyir. Qarovul bu sözdən sonra həzrət əşrəfə xəbər vermək üçün küçə dəhlizinə girərkən, Şabanzadə ilə yoldaşları dəhlizə girib qarovulu tərk-silah etdilər və ağzını, əl-ayağını bağlayıb böyrü üstə yıxdılar, Şabanzadənin yoldaşları da qapıya yanaşdı, onlardan bir nəfərini qarovul yerində qoydular və içəriyə heç kəsin buraxılmamasını tapşırdılar. Şabanzadə özü ilə bərabər on nəfər götürdü, qalan yoldaşları da küçədə və evin ətrafında buraxıb, hər ehtimala qarşı ehtiyatla hərəkət etmələrini tapşırdı. Şabanzadə səs çıxarmadan nökərlərin otağına gəldi. Onların hamısını yatdıqları yerdə yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. Silahlarını aldılar, yanlarında isə əlində bomba iki nəfər adam qoydular. Küçə dəhlizində qolları bağlanmış qarovulu da sürüyüb otağa salandan sonra sərdar Rəşidin yaşadığı otaqlara yanaşdılar. Salonun və dəhlizin lampaları sönməmişdi, lakin nökərlərin sərxoş olub yatmaları sərdar Rəşidin evində özlərindən başqa kimsənin olmadığını göstərirdi, çünki ağa cazadsınızə demədən nökərlər öz vəzifələrindən çəkilməzdilər. Telefon simləri kəsilmişdi, həyətə girəcək və həyətdən çıxacaq yerlər tutulmuşdu. Heç bir hadisə üz verə bilməzdi. Buna görə də Şabanzadə dəhlizin qapısını vurdu, kiçik bir ev nökəri qapını açdı, açan kimi iki tapançanın lüləsini öz gözlərində görməklə bu səsi eşitdi: – Səsini çıxarma! Düş qabağıma, xidmətçi qadınlar yatan otağı göstər! Nökər dəhlizdən salona keçərək orada kiçik bir otağı göstərdi. Şabanzadə xidmətçi oğlanı da həmin otağa buraxıb, qapısında da bir nəfər silahlı qarovulçu qoydu. Sərdar Rəşid öz yazı otağında idi, Mahru xanım da onun yanında əyləşmişdi, çünki o işlədiyi zaman yazı işlərinə kömək etmək bəhanəsi ilə Mahrunu yanında əyləşdirər və öz konyak piyaləsini onun əlindən alıb içərdi. Sərdar Rəşid başını yazıdan qaldırıb: – Mahru, bir konyak ver! – dedi. – Mahru konyakı doldurub verdikdən sonra lumu suyu ilə düzəlmiş konfeti götürüb ona verdiyi zaman pəncərələrin hər birisindən bir onaçılan tapançanın lüləsi görünməyə başladı və bunun dalınca da bir səs gəldi: – Əllərinizi yuxarı qaldırın, yerinizdən tərpənməyin! – dedikdə sərdar Rəşid əlindəki konyak piyaləsini yerə qoyub əllərini yuxarı qaldırdı. Mahru da onunla bərabər əllərini yuxarı qaldırdı. Bir saniyə keçmədən Şabanzadə bir osmanlı zabiti qiyafəsində, yanında dörd nəfər əsgər otağa daxil oldu və sərdar Rəşidə müraciətlə: – Yazı masasının başından qalxi – dedi. Sərdar Rəşid əlləri yuxarı olduğu halda qalxdı və otağın ortasında durdu. Şabanzadə əsgərin birisinə əmr etdi: – Axtarın bunun üstünü! Axtardılar, silahı yox idi. O, titrək bir səslə: – Tapança yazı masasının üzərindədir, – dedi. Bir əsgər gedib tapançanı götürdü. Yenə də Şabanzadə sərdar Rəşidə tərəf dönüb: – Oturun! – dedi və sonra Mahruya: – Həyəcana lüzum yoxdur, burada otura da bilərsiniz, – dedikdə Mahru gözlərini Şabanzadə tərəfə döndərib: – Mümkünsə mən otağıma getmək istəyirəm, – dedikdə Şabanzadə bir əsgərə: – Xanım əfəndini müşayiət edin, – dedi. Mahru qalxıb getdi. Sərdar Rəşid oturub qorxusundan nə edəcəyini və nə deyəcəyini bilmirdi. Şabanzadə bir papiros yandırıb danışdı: – Siz komandan paşanı və onun zabitlərini qəbul etmədiyiniz üçün biz komandan paşanın məktubunu sizə yetirmək üçün bu cür tədbirlərə əl atmalı olduq. Buna görə də həzrət əşrəf bu küstahlığı özünün komandan paşaya qarşı tutduğu layiqsiz vəziyyətlərlə əlaqədar bilməlidir. Sərdar Rəşidin dili açıldı və Şabanzadəyə yalvarıcı bir dillə müraciət edib soruşdu: – Cənab zabit, bir papiros götürmək olarmı? – Buyura bilərsiniz! Şabanzadənin icazəsindən sonra sərdar Rəşid bir papiros yandırib çəkdi və özünü ələ alaraq: – Komandan paşa həzrətlərinin özləri çox gözəl bilir ki, bizi özbaşımıza qoymadılar. Ona məlumdur ki, bizim yaxamız bir ovuc əşrarın əlində qalıbdır. Bu işləri bu məqama gətirib çıxaran və komandan paşa ilə bizim əlaqəmizi pozan həmin bu Əbülhəsənbəydir. Komandan paşa onu bizim ziyafətdə tanımadımı? O özü bilir ki, mən o haramzadəni tutub onun əlinə tapşırmaq istəyirdim. Bunu cənab şahzadə Əbülfət Mirzə bilmirmi? Mən onun vasitəsilə öz fikrimi komandan paşaya bildirməmişəmmi? – Bizim bunlarla işimiz yoxdur, – deyə Şabanzadə Helmi bəy adından yazılmış məktubu ona uzatdı: – Bu məktubu oxuyub təcili surətdə əməl etməlisiniz. Sərdar Rəşid əli titrəyə-titrəyə məktubu oxudu və udquna-udquna cavab verdi: – Cənab şahzadə Əbülfət Mirzə özü bilir ki, mən həmin pulu özüm üçün almamışam, onu yüz adama paylamışam, hərgah məqsədə nail olmadımsa, onu da məndən yox, o xəbis oğlu xəbis Əbülhəsənbəydən görməlisiniz. Ağa zabit, indi özünüz mültəfit olun, bəndə gecənin bu vaxtında yüz min tümən pulu haradan tapım? Eybi yoxdur, qoyun sabaha qalsın, o tərəf-bu tərəfdən düzəldib verim, əlacım nədir? – Bu möhləti sizə vermək üçün bizə icazə verilməmişdir, yüz min tüməni bu saat verməlisiniz! – Haradan verim? – Onda sizi həbsə almaq və təcili surətdə Türkiyəyə göndərmək məcburiyyətində qalacağıq. Bizim işimizi təxirə salmayın, bizə iki saatdan artıq icazə verilməmişdir. Hər dəqiqə təxir sizin məsuliyyətinizi artırır. – Qoyun komandan paşaya telefon edim, özündən sabaha kimi icazə alım! Zabit çox qəti olaraq: – İcazə verilmir! – dedikdən sonra sərdar Rəşid öz-özünə danışmağa başladı: – Baisin evi yıxılsın, məgər qoyurlar ki, adam öz işini görsün? Özüm də bədbəxt oldum, onların da yanında üzüm qara qaldı, – deyəndən sonra zabit: – Həzrət əşrəfi ərkani-hərbə götürün! – deyə əsgərlərə əmr etdi. Şabanzadə bu əmri verdikdən sonra sərdar Rəşid tələsik bir surətdə dedi: – Xeyr, ağa! Cənab zabit mənim dediklərimə mültəfit olmadı... Bəndənin dediyi budur ki, gecənin bu vaxtında yüz min tümən gümüş pulu tapa bilmərəm. Eybi nədir, buyurub qiymət edin, günün kursu ilə ingilis və Amerika pulu verim. – Tez dur gətir! Sənin yanında bir ordu nümayəndəsidir. Biz sənin üçün İstanbul bursəçiləri deyilik ki, əcnəbi paralarına qiymət təyin edək. Haydı, bizimlə bazarlıq yapma! Sərdar Rəşid qalxıb qalın göndən tikilmiş böyük bir sandığı açdı, orada az miqdarda gümüş para olduğuna baxmayaraq, hədsiz-hesabsız Amerika və ingilis kağız paraları var idi. Sandıqdakı əlavə bir sandıqçanın içərisində əlli min manata qədər çar qızıl və kağız pulları vardı. Sərdar Rəşid bir dəstə Amerika dolları götürüb Şabanzadəyə göstərdi: – Burada 40 min dollardır, hazırda Təbriz bazarında dolların birisi 15 qrandır, bu eləsin 60 min tümən, iyirmi min tümən də qran pul verim. Bu da eləsin həştad min tümən, qalanına da ingilis pulu götürün! – Biz buraya bazarlıq üçün gəlməmişik dedim! – Bəndə ki sizə yalan demirəm. O bazar, o da siz. Hərgah verdiklərim yüz min tümənin yerini doldurmursa, yenə də sabah nə qədər lazımsa verim, belə ki, olmaz, axır mən bir məmləkətin valisiyəml – Biz bütün nəqd paraları və qiymətli şeyləri aparmalıyıq, yarın cənab komandanla görüşərsiniz, onlar yüz min tüməni götürdükdən sonra yerdə qalan şeyləri və paraları özünüzə qaytararlar. – Ağa zabit, düz buyurursunuz. Mən sizə inanmıram, amma burası vardır ki, mənə oradan bir şey qaytarıb verməzlər. Yaxşısı budur ki, elə buradaca sizinlə birtəhər düzəlişək ki, bir də bizim başımız ağrımasın. – Bir ordu zabitinə rüşvət təklif etmək böyük bir cinayətdir. Lakin bu iş İranda adət olduğu üçün bu barədə sizi cəzalandırmıram. Daha harada qiymətli kağızlar və nəqd paralar vardırsa gətirin! – Bunlar kifayət deyilmi? – Xeyr! Əsgərlər sandıqdakı qiymətli daşları, paraları səliqə ilə çıxarıb bir kisəyə yığmağa başladılar, lakin təəssüf ediləcək bir haldır ki, iyirmi min tümən gümüş paranı götürmək üçün imkan yox idi. Bunun üçün sandıq boşaldı, sərdar Rəşid onaçılan tapançaların təzyiqi altında olaraq cürbəcür dövlətlərə məxsus və müxtəlif metallardan düzəlmiş paraları gətirib aralığa tökdü. İllərdən bəri Ərdəbildə və sair hökumət yerlərində xalqdan aldığı rüşvətləri, döyüb, soyub aldığını gətirib meydana qoydu və Şabanzadənin tələbi ilə Mirzə Fətulla xanın əmanət qoyduğu qiymətli şeylər sandıqçasını da təhvil verdi. – İndi də gizli məktubları və vəsiqələri gətirini Onları götürməyi də komandan paşa bizə əmr etmişdir. Vəsiqələr də yığılıb bağlandı. Sərdar Rəşid vəsiqələrin içərisindən bir qadın təsviri ilə bir məktubu götürüb: – Bunları aparmayın. Bu mənim arvadımın mənə yazdığı məktubdur, şəkil də onun şəklidir. Məktubda yazılmışdı: «Möhtərəm sərdar Rəşid! Sən bilirsən ki, biz ayrılmalı idik. Nə sənin daşıdığın yüksək vəzifə, nə mənə verdiyin sərvət, nə də məni müsəlman etmək üçün təkrar etdiyin müqəddəs kəlmələr məni sənə bağlaya bilməzdi, çünki mən general-konsulun vasitəsilə evinə gəldiyim zaman sənə arvad olaraq gəldiyimi düşünürdüm. Nəhayət az çəkmədən məni də öz bacın və öz birinci arvadın kimi sataraq, özün üçün vəzifə və rütbə qazanmağa başladın. Lakin mən nə qədər çalışdımsa, özümdə buna cavab verəcək bir vicdanı tapa bimədim. Buna görə də Rusiyaya dönməyə məcbur oldum. Sənin evindən heç bir şey götürmədim. Yalnız özümə məxsus şeylərimi götürdüm. Salamat qalın. İftixarissoltan İraidaəp Bu, İranda həbs olunduğu zaman öz əli ilə yazıb sərdar Rəşidin yazı masasının üstünə qoyduğu məktub idi. Sərdar Rəşidin evindən götürülən şeylər daşındığı zaman o, bir daha komandan paşa ilə danışmaq üçün icazə istədi. Şabanzadə mane olmadı. Əvvəla budur ki, telefon xətti kəsilmişdi, ikincisi də Qafqazı işğal eləmək həvəsində olan Helmi bəy hələ axşam ikən Təbrizi boşaldıb Sofyana çəkilmişdi. Telefon səs vermədi, sərdar Rəşid başını çiyninə salıb yerində oturdu, axtarış üçün gedənlər də işlərini bitirib çıxdılar. Şəfi Şabanzadə çıxdıqda Mahru qaranlıq dəhlizdə durmuşdu. O yavaşcadan: – Əziz yoldaşlar, işiniz uğurlu olsun! – dedi. * * * Gizlin sirlər Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi. Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər. Helminin dəstəsi Sofyandan hərəkət etməzdən əvvəl, rus piyada və atlı kazakları Araz çayını keçib Təbrizə hücum etmək əmrini almışdı, çünki ruslar qəti soyuqların nəticəsində Ənvər paşanın Kars və Sarıqamış üzərinə sürdüyü qol ordunun taleyini həll etmişdi. Rusların çayı keçdiyini və Təbrizə hücum etdiyini Helmiyə qandırmışdıq. Ona baron Cəbrayılın düzəltdiyi silahlı asori dəstələrinin də müntəzəm rus ordusuna qoşulduğunu bildirmişdik. Rus piyada və atlısı qışın qatı soyuqlarına baxmayaraq, Mərənd şəhəri ilə Təbriz arasında vaqe möhkəm dağ keçidində və Yam gədiyi ətrafında yerləşdirilmişdi. Baron Cəbrayılın asori dəstələrinə rus piyadasının sağ qanadını müdafiə etmək və Helmi dəstəsinin sağ qanadını təhdid altina almaq əmri verilmişdi. Helmi rusların Yam gədiyində yerləşdiyindən xəbərsiz və rus agentlərinin verdiyi yalançı kəşfiyyat xəbərlərinə istinadla Sofyandan müstəqim xətt ilə Mərənd şəhərinə irəliləmək əmrini verdi. Dəstə mövqelərin çətinliyini, qışın soyuqlarını və strateii cəhətləri nəzərə almadan Təbriz – Culfa şosesi ilə dağınıq bir surətdə gedirdi. Helminin belə ehtiyatsızcasına hərəkət etməsinə Sulduz xanı Bala Samsamın da xəyanəti böyük rol oynadı. Helmi Sofyandan Mərənd üzərinə hücum etdiyi anlarda, Bala Samsam dörd yüz müntəzəm atlı ilə onun köməyinə gəlmişdi. 1 İndiki Leninakan şəhəri. Nə Helmi, nə də onun ətrafındakılar Sulduz xanı Bala Samsamın çoxdan bəri rus təbəəliyini qəbul etdiyini bilmirdi. Sulduz xanı konsuldan və sərdar Rəşiddən aldığı dəstura görə müharibə zamanı He!minin dəstəsini arxadan vuracaq və məhv edəcəkdi. Atlı dəstələri ehtiyat olaraq Helmi dəstəsinin arxasınca gedirdi. Yam gədiyi ətrafında müharibə başlandığı zaman, Helminin dəstəsi həm şimal, həm də şərqdən hücum edən dəstələrlə vuruşurdu, bu zaman Bala Samsamın atlıları da qılınclarını çəkib Helminin arxasına hücum edirdi. Helmi vəziyyətdən çıxmaq üçün nicatı ancaq müharibədə görürdü, Helmi öz atlı dəstəsini Bala Samsamın dəstələrinə qarşı qoymuşdu. O, müharibənin nəticəsi məlum olmadan belə on nəfər atlı ilə bərabər Bala Samsamın atlı dəstələrini yarıb Xacə Mircan tərəflərinə qaçmağa başladı. Müharibəni İbrahim Fovzi idarə edirdi. Nəhayət, onun atını da bir neçə tərəfdən dəymiş güllələr yıxdı, özü də ağır bir surətdə yaralandı. Burada kürdlər böyük yararlıq göstərdi və İbrahim Fovzini yaralı bir surətdə atın üstünə qoyub aralıqdan çıxartdılar. Müharibə rusların qələbəsilə qurtarmış oldu. Kazaklar qaçanları Sofyan – Təbriz şosesində atlarının döşünə salıb qovur və qılıncla yaralayıb tuturdular. Yam gədiyi yanından qaçanlar Xacə Mircan kəndinə yığışıb oradan da Miyandab və Savucbulaq tərəflərinə qaçmağa başladılar, lakin onların əksəriyyəti Savucbulağa qədər gedib çıxa bilmədi, çünki Helminin dəstəsi osmanlı sərhədindən Təbrizə qədər gələrkən yolların ətrafında yerləşən kəndləri və şəhərləri taladığından, indi məğlub olub qaçdıqları zaman yerlilər onların üzərinə qalxıb məhv etdilər. Hər dərədə və hər çayın kənarında onlarca insan meyidi tökülüb qalmışdı. 4İttihadi-tərəqqi» partiyasının və Hacı Mirzağa Büllurinin avantürasına düşən minlərlə adam məhv oldusa da, biz Təbriz xalqını bu təhlükədən xilas edə bildik. Xalqın bu avantüraya qarışmasına imkan vermədik, almanların planlarını darmadağın etdik. İndisə Təbriz xalqının gələcək vəziyyəti sərdar Rəşidin çar konsuluna verəcəyi mə- İumatın mündəricəsindən asılı idi. Axşam idi. İri qar parçaları sanki ağacdan qopub düşürdü. Təbriz, qarların ağ pambıqlı yorğanına bürünərək, sanki yaxında böyük bir hadisənin yuxusunu görməyə hazırlaşırdı. Çar konsulunun qorxusundan qaçan və Helmi dəstəsi ilə bərabər Təbrizə qayıdanlar yenə də qışın qatı soyuqlarına baxmayaraq, öz ailəsinin qolundan tutub Təbrizdən çıxır və bir tərəfə çəkilməyə tələsirdi. Çar qoşunu Təbrizə gəlməzdən və yolları kəsməzdən qabaq biz bir neçə yoldaşı şəhərdən çıxarmışdıq. Neçə gündən bəri cErmənistanda və başqa yerlərdə gizlənən çar təbəələri səbirsizliklə çar qoşununun gəlməsini gözləyirdilər. Çar ordusunu istiqbal etmək üçün yenə də yüzlərlə ağ uzunqulaqların belinə məxmər palanlar qoyulurdu. Bir neçə gün əvvəl ruslar köçdüyü zaman konsulun qulağına səlamətlik duası (səfər duası) oxuyan müctəhidlər gözlərinə sürmə çəkir, saqqalına rəng və həna qoyur, üst-başını düzəldir və konsulun istiqbalına hazırlanırdılar. Neçə gündən bəri rolunu, yolunu və donunu dəyişənlər yenə də əski rolunun ifasına başlayır və özlərinə «səadət mənbəyh)ə olan çar konsulxanası ətrafında dolanırdılar. Sərdar Rəşid öz ağasının istiqbalına çıxmaq üçün böyük bir siyahı düzəldirdi ki, o siyahıya bizi də daxil etmişdi. Çar konsulu hələ Təbrizə girməmişdi, sərdar Rəşid telefonla bizə nahar yeməyinə gələcəyini xəbər verdi. Şübhəsizdir ki, o bizə nahar yeməyinə gəlmirdi. Onun əsas məqsədi öz vəziyyəti haqqında danışmaqdı. O, saat 4-də nökəri ilə bərabər hökumət faytonunda gəldi. Sivil paltar geyinmişdi, cOryolp nişanı əlindən getdikdən sonra hökumət forması geyməyə çox da maraqlanmırdı. Onun paltosunu tutub asdılar. Əlimi sıxıb oturdu, lakin onun bütün görünüşü bizim evə bir məcburiyyət qarşısında gəldiyini göstərirdi. O nə qədər vicdansız bir adam olsa belə, yenə də utanırdı, çünki Ninanı bu evdən Helminin əsgərləri vasitəsilə çəkib aparmaq istəmişdi, buna görə də Ninanın gözünə görünmək istəmirdi. O, sözünü belə başladı: – Ağayi Əbülhəsənbəy, bəndənin hüzurunuza müşərrəf olmaqdan məqsədi gələcək xətt-hərəkətimiz barəsində cənab sərkarın fikrini bilməkdir. Mən özümü sadəliyə qoyub ona sual verdim: – Hansı və nə kimi xətt-hərəkət? – Bizim sizinlə olan əlaqə məsələmiz... – Bizim dostluq əlaqəmiz yenə də əvvəlki şəklində davam edir və edəcəkdir. – Bilirəm, mən də bunu yaxşı bilirəm, lakin bir çox məsələlər vardır ki, biz cənab sərkarları bir-birimizə bağlayır. Bəndə bu barədə ərz etmək istəyirdim... – Doğrudur, bizim əlaqəmiz dostluqdan başqa bir sirdaşlıq şəkli də almışdır, – dedikdə o, tələsik cavab verdi: – Bəli, elə bəndə də bunu demək istəyirəm. Bizim cənab sərkarin əlində olan hər bir kiçik sirrimizin ifşa edilməsi, bəndənin mövqeyinin mütəzəlzil edilməsi deməkdir. Bəndə bunları ərz etmək üçün də sizin hüzurunuza gəlmişdim. Ağadan rica edirəm ki, bu sirlər öz yanımızda qalsın, mən də bir vilayətin başında dururam, elə olmasın ki, ruslar məni Müxbirissəltənə kimi buradan çıxarıb qovsun), Bəndə də bunların müqabilində cənab sərkarın hər nə əmri olursa yerinə yetirməyi öhdəmə götürürəm. Mən bu sözlərdən sonra sərdar Rəşidə sual verməklə, onu bir çox günahlarını öz dili ilə deməyə məcbur etdim. – Sizin məni Helmi bəyin əlinə vermək, Təbriz xalqını rus təbəələrinin üzərinə qaldırmaq və erməni xalqını qətl-qarət etdirməkdən də başqa bir sirriniz vardırmı? Sərdar Rəşidin bu sualdan boğazı qurudu, cavab verə bilmədi. Nəhayət bir neçə kərə udqunduqdan sonra: – Cənab ağa, bunlar yüngül sirlər deyil ki?l – Bu sirlərin gizlində qalması həzrət əşrəfin özündən asılıdır. – Bəndə öz tərəfimdən cənab sərkarın bütün tapşırıqlarını yerinə yetirməyə hazıram, boyun qaçırmıram, bunu ərz etmək üçün də gəlmişəm. – Elə isə bütün suallarıma cavab verməlisiniz, çünki mən həzrət əşrəfin Rusiya, Almaniya və İran hökuməti ilə olan əlaqəsini təyin etmədən, həzrət əşrəfi müdafiə edə biləcəyimə söz verə bilmərəm. İndi buyurun görüm Almaniya ilə olan gizli əlaqəniz nə şəkildədir? – Bəndə almanlardan yüz min tümən pul almışdım. – Kimin vasitəsilə? – Sabiq alman konsulxanası katibi şahzadə Əbülfət Mirzə vasitəsi ilə. I Müxbirissəltənə 1911-ci ildə Təbrizə vali göndərilmişdi, çar konsulu ilə əlbir işləmək istəmədiyindən çar səfirinin tələbi üzrə Təbrizdən geri çağrılmışdı. – Nə üçün almışdınız? – Mən bu paranın müqabilində Təbriz xalqını Almaniya tərəfdarlığına cəlb edib, əfkari-ümumiyyəni Rusiya əleyhinə çevirəcəkdim. – Daha nə etməli idiniz? – Təbrizdə iğtişaş yaradıb, çar konsulu mənafeyinə çalışanları və Almaniya ittifaqı əleyhinə olan iranlıları tutub Helmi bəyin əlinə verməli idim. O, sakit oldu, lakin onun bir çox sirləri gizlətdiyini hiss edirdim, çünki onun sirlərinə aid vəsiqələrin hamısı, son parça kağıza qədər bizim əlimizdə idi. Bunun üçün sərdar Rəşidə sual verdim: – Daha başqa bir vəsiqə yoxdurmu? – Bəlkə də, vardır. Hamısı xatirimdə deyil. – Hərgah vardırsa danışm, utanmağa lüzum yoxdur, çünki məsələ tamamilə aydın edilmədən onun çarəsinə baxmaq çox çətindir. Utanmaq və qorxmaq yersizdir. Hazırda sizin bütün sirləriniz bizim və Helminin əlindədir, bunu bizdən gizlətməyin heç də lüzumu yoxdur, çünki hazırda biz sizin müdafiə məsələnizi həll edirik. Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. O öz mühüm sirlərinin üstünü açıb söhbət etməkdən həm qorxur, həm də utanırdı. Mən onu danışmağa məcbur etmək üçün bu sualı da verdim: – Siz son günlər Hacı Səməd xanın Tiflisdən dübarə qayıdıb nə məqsədlə Təbrizə gəldiyini bilirdinizmi? – Əlbəttə, bilirdim, konsulun özü vaxtikən məni yanına çağırıb demişdi ki, Hacı Səməd xanın Təbrizə gətirilməsi sizin mövqeyinizlə əlaqədar deyildir, o tamamilə hərbi nöqteyi-nəzərdən gətirilir. – Elə isə nə üçün Hacı Səməd xanın Təbrizə gəlməsini eşidən kimi Təbrizdən çıxdınız? – Özümü Tehran hökumətinə sadiq göstərmək üçün belə rəftar etməyə məcbur idim. – Bu məsələdə çar konsulunun razılığını əldə etmişdinizmi? – Bu barədə də konsul özü mənə təlimat vermişdi, eyni zamanda mənim Təbrizi başlı-başına buraxıb çıxmağım almanlar ilə müqavilə üçün də əlverişli idi, çünki mənim çıxmağım nəticəsində Təbrizdə hərc-mərclik başlana bilər və Rusiya mənafeyi zərərdidə ola bilərdi. Xalqın bu iş nəticəsində ruslara və rus təbəələrinə hücum etməsi ehtimalı var idi. – Buna nə üçün müvəffəq ola bilmədiniz? – Çünki inqilabçılar xalqı başa saldı və hərc-mərcliyə yol vermədilər. – İndi deyin görüm, inqilabçılar barəsində fikriniz nə idi? Gedən vəsiqələr içərisində bu işə aid bir vəsiqə var idimi? – Bəli, var idil – Nə kimi vəsiqələr? – İki siyahı tutmuşdum. Onlardan birisi qaçqında olanların, ikincisi də Təbrizdə yaşayanların siyahısı idi. Burada onları həbs etdirib Rusiyaya göndərmək, qaçqındakıları isə yerlərdəki çar agentləri vasitəsilə məhv etdirmək istəyirdik. – Bu siyahıları bir yerə vermişdinizmi? – Xeyr! Hələ tamamilə düzəldib qurtarmamışdım. Sərdar Rəşid vəsiqələr haqqında uzun-uzadı məlumat verdi. Nəhayət, mən sual-cavabı kəsdim, indi də o, gözlərini mənim ağzıma dirəyib, məğlub olmuş adamlar kimi aciz-aciz baxırdı. Onun papirosuna bir kibrit tutub dedim: – Sizin Təbrizdəki fəaliyyətiniz olduqca mürəkkəbdir. Lakin bu çətinliklərə baxmayaraq, sizin mövqeyinizi olduğu kimi müdafiə etməyə və həmin olduğu şəkildə saxlamağa söz verirəm, ancaq bir şərtlə: – Hər cür şərtə razıyam. – Siz bu şərtləri yazılı olaraq bizə verəcəksiniz! – O da mümkündür. Bu sözdən sonra mən kağızı onun qabağına qoydum, qələmi də mürəkkəbə batırıb ona verdim və cyazınızə dedim. Sərdar Rəşid dediklərimin hamısını yazdı, imza etdi, sonra da mən zəng vurdum. Nina otağa daxil oldu, sərdar Rəşidin yanına gələrək əlini sıxdı və azərbaycanca: – Həzrət əşrəf xoş gəlib, səfalar gətiribdir, – dedi. – Çox xahiş edirəm ki, bizim evə tez-tez təşrif gətirəsiniz, çünki mən hər zaman sizi gördükdə bacım İraidanı xatırlayıram. Mən zənn edirəm ki, bizim qohumluq əlaqəmiz hələ də davam edir. Sərdar Rəşid Ninanın azərbaycanca danışmasından təəccüb edərək: – Afərin, Nina xanım! - dedi. – Siz tamamilə bir iranlı xanım kimi danışa bilirsiniz. Lakin İftixarissoltan" nə qədər çalışdısa, kəlmeyi-şəhadəti düzgün deyə bilmədi. Elə mən əvvəldən görürdüm ki, onun islam dinini qəbul etməyə rəğbəti yox idi, – dedikdə Nina gülərək əlavə etdi: – Şəhadət kəlməsini mən də öyrənə bilmirəm. – Nə üçün, Nina xanım? – Çünki şəhadət kəlməsini yaxşı öyrənmək üçün bir ərəb tapıb ona ərə getmək lazımdır. Halbuki bir rus qızının ərəbcə danışması mümkün deyildir. Bu sözə mən də, sərdar Rəşid də güldük, Nina isə ayağa qalxdı: – Məni bağışlayın, nahar işlərinə baş çəkmək lazımdır. Bu gün həzrət əşrəf üçün özüm nahar hazır etmişəm, – dedi. Nina qalxıb getdikdən sonra sərdar Rəşid yavaşdan: – Aparılan şeylərin içərisində bədbəxt İftixarissoltanın şəkli də var idi, – dedi. * * * İntihar ərəfəsində Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi. Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə: – Kömək edin! - deyə qışqırdı. Mən içəridə bir hadisə üz verdiyini zənn etdim, çünki belə zamanlarda bədbəxt hadisə hər kəsə üz verə bilərdi. Yerli hökumətin inzibati qüvvəsi yox kimi idi. Osmanlılar çəkilmişdi, ruslar isə hələ Təbrizi tamamilə işğal edə bilməmişdi. Buna görə də bir çox oğrular və cinayətkarlar evlərə soxulurdu. Hətta son günlər osmanlı əsgərləri paltarlarına girən bir çox məhlə lotuları da xalqın evinə girib qiymətli şeyləri tələb edirdi. Bizim adamlarımız osmanlı əsgəri qiyafəsində olan iyirmi nəfərə qədər oğrunu tutmuşdu. Bu fikirlə də mən amerikalı qızın evinə girdim. Hələ həyətdəki pilləkənlərə yetişməmişdim ki, evdən boğunuq səslər eşitdim: – Burax məni! Burax! Mənə rəhm et, burax! Evdə soyğunçu olduğunu zənn edərək tapançamı çıxarıb içəri girdim. Məni heyrət götürdü. Qız saçları dağılmış halda əlində tapança çapalayırdı, xidmətçi qoca qadın isə onun hər iki qollarını bərk-bərk qucaqlayıb qızın özünü vurmasına maneə törədirdi. Qız isə çapalayaraq: – Burax məni! - dedikdə qadın da: – Kiçik xanım, anana rəhmin gəlsin, atanın gözü yoldadır, cavan canına rəhmin gəlsin, – deyərək onu buraxmaq istəmirdi. Mübarizə çox şiddətli idi, onların hər ikisi son qüvvəsi ilə çalışırdı. Mən tapançanı cibimə qoyub irəlilədim, qız mənim içəri girdiyimi bilmirdi. Mən onu səslədim: – Miss Hannal Tapançanı mənə ver! Bu səs qızın qulağına yetişən kimi başını silkələyib, saçlarını yana atdı, məni görürkən qoca qadın da onu buraxdı. Qız əlində tapança üstümə yüyürdü, yanıma yetişərkən tapançasını qaldırdı, qoca xidmətçi bunu görürkən qışqırdı. – Aman, buraxmayın, o özünü də, sizi də məhv etmək istəyir! – dedi. Mən çox soyuqqanlı bir surətdə əlimi uzadıb onun incə biləyindən tutub sıxdım, tapança əlindən düşərkən sol əlimlə tutub cibimə qoydum. Amerikalı qızın biləyini buraxmadım, çünki o, bayılmaq ərəfəsində idi: onu tutub yumşaq divanın üstünə qoydum. Xidmətçi qadın da yorulmuşdu. vəziyyəti fəna idi, mən ona müraciətlə: – Gedin, rahat olun! – dedim. O getdi, xidmətçi oğlana su gətirməsini əmr etdim. Dəsmalımı isladıb qızın ürəyinin üstünə qoydum, ürəyi adi halında vurmağa başladı, lakin hələ gözlərini açmamışdı. Bu vəziyyət bir saat davam etdi. Mən onun saçlarını üzündən kənar edib, başını sığalladığım zaman o, gözlərini açıb, başını köksümdə görərək ağladı: – Nə üçün məni rahat olmağa buraxmırsınız? – dedi. – Mənim dostum. məniyyətcə ölmüş bir qızı ölümdən qurtarmağın mənası nədir? Siz özünüz təsəvvür edin: mənim üçün yaşamaq imkanı vardırmı? Mən bütün mədəni bəşəriyyətin yanında üzüqarayam, harada İ- i “əl İ N. İ , yerim vardır? Mənim üzüm də, vicdanım da, biliyim də... Hər şeydən təmiz olan sevgim də xalqın nəzərində ləkəlidir. – İntihar yaramaz! Bu, qeyri-adilik və acizlikdir. – İntihar xoş olmayan həyata qarşı gözəl bir protest deyildirmi? – «İntiharə öz səhvlərini islah etmək istəməyənlər, acizlər, bacarıqsızlar, qorxaqlar üçündür, – dedim. Amerikalı qız ağlaya-ağlaya dedi: – Öz səadətləri üçün bütün dünyanın səadətini almağa hazır olan, milyonların bədbəxtliyi üzərində səadət qurmaq istəyən almanlar mənim də səadətimi əlimdən aldılar. Onlar mənim sadəliyimdən istifadə etdi, məni casusluq çirkabına batırdılar. Onlar məni öz əlimlə casusluq kağızını imzalamağa məcbur etdilər. İndi mənim kimi bir qızın yaşamasının bəşəriyyət üçün nə əhəmiyyəti vardır? Tutaq ki, mənim vicdanım casus vicdanı deyildir, buna kim inanar? Mən ürəyimi xalqın qabağına qoyub onda casusluğa aid bir duyğu olmadığını isbat edə bilərəmmi? Kim mənim qəlbimi oxuya bilər? Kimin də nə işi vardır? İndi, bu saat casusların qəlbini yoxlamaq üçün kimdə vaxt vardır? Birisi sizin özünüz... Nə üçün də mənə inanasınız? Mənim öz əlimlə imza etdiyim casusluq vəsiqələri alman konsulxanasının arxıvindədir. Mənim həbs edilməyim üçün Rusiya konsulxanasında əmrnamələr vardır. Amerika konsulxanasına da mənim alman casusu olmaq münasibəti ilə həbsə alınacağımı xəbər vermişlər. Böyük dünyanın harasında mənim yerim vardır? Milyonları yaşadan dünya bəzən bir nəfəri yaşatmaqdan da boyun qaçırarmışl Dünyada vəhşilərin, canavarların, yırtıcıların, bütün canlı və cansızların yaşamaq səlahiyyəti olduğu halda, mən yazığa, mən bədbəxtə yer yoxdur. Qız heç bir vəchlə sakit ola bilmirdi. O, Helminin tamamilə getdiyini, bütün canlı qüvvəsini Yam gədiyi altında basdırıb qaçdığını, rusların Təbrizə girəcəyini eşitdiyi və özünün həbsə alınacağını hiss etdiyi üçün özünü məhv etmək istəyirdi. Mən ona sözün açığını deməmişdim. O, rus və alman konsulluqları arxivində olan vəsiqələrin bizim əlimizdə olduğunu bilmirdi, o yenə də məni tanımırdı, onun üçün yaşamaq imkanı yarada biləcəyimi xəyalına belə gətirmirdi. Mən onun saçlarını sığallayaraq təsəlli verir və deyirdim: – Siz məna inanın, hələlik siz yaşamaq imkanından tamamilə məhrum deyilsiniz. Siz özünüzün vicdanən casus olmadığınızı göstərməklə xalqı inandırmalısınız, intihara gəldikdə o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırar. Sizin Almaniya konsulxanasında imza etdiyiniz vəsiqə və rusların əlinə düşmüş məktubunuz, konsulxananın sizin haqqınızda verdiyi əmmamələr oğurlanmışdır. Helmi onları çoxdan bəri apartdırmışdır. Mən sizin üçün yaşamaq imkanı yaratmağa söz verirəm. Sizə gəldikdə, yenə də almanlarla əlaqədə olmalı və əski rabitəni qırmamalısınız. – Yenədəmi casusluq etməliyəm? – Xeyr. Siz indi almanların tələbi və bir məcburiyyətin nəticəsində deyil, öz vicdanınızın tələbi ilə İran kəndlisi və İran yoxsulunun nəfinə çalışmalısınız. Siz üzərinizdə olan ləkələri yalnız sədaqət, səmimiyyət və iradəli bir qız olmaq nəticəsində təmizləyə bilərsiniz. Ayağa durun, özünüzü ələ alın. Bir stəkan çay hazırladın, mən də sizinlə çay içəcəyəm. Sabahdan etibarən sizin üçün başqa bir bina tapdıraram, buradan köçməyiniz lazımdır. Siz hələ mənim yanımda olan hörmətinizi tamamilə itirməmişsiniz. Mən yenə də sizə baxanda Culfadakı, Livarcan yaylasındakı miss Hannanı görürəm. Sizi itirmək mənim vicdanım üçün çox ağırdır, buna görə də nicatınız üçün çalışacağam. Doğrudan da, biz qızı mühafizə etməli idik. Onda bizim bir çox sirlərimiz var idi, o bizim təşkilata az yaxşılıq etməmişdi, o özü bilmədən Almaniya əks-kəşfiyyatına satılmışdı, bəlkə də, bunu özünün dediyi kimi bizə bir xidmət və şəxsən mənə sədaqət göstərmək məqsədi ilə etmişdi. Gənc qız mənim verdiyim nicat vədlərindən fövqəladə bir surətdə sevindi, indi də o, şadlığından ağladı, əlimi tutaraq öpmək istədikdə əlimi onun əlindən aldım, o isə mənim boynuma sarılaraq üzümdən öpdü və: – Mənə inanın, mənim göz yaşlarım saxta göz yaşları deyil, – dedi. – Mən ən bədbəxt və ən sadə bir qızam. Siz məni casus hesab edib dodaqlarımdan iyrənməyin. Mən casus deyiləm, sizi öpən yenə də keçmişdəki Hamadır. Mən sizə və sizin mənsub olduğunuz xalqa yardım göstərmək üçün alman konsulunun xain tələsinə düşdüm. – Hər şey yaxşılığa gedir, – dedim. – Kimbilir, bəlkə də... Amma məhəbbətiniz olmasaydı, mən bu vəzifələri öhdəmə götürməzdim. Lakin kor-koranə daşıdığım vəzifədə nə sizi, nə də sizin mənsub olduğunuz xalqı satmamışam. Mən ancaq alman konsulunun tapşırığına görə rusların əleyhinə çalışmışam, bunu sizin üçün də mənfəət hesab etmişəm. Hərgah o vəsiqələr sizin əlinizə düşmüş olsaydı, mənim doğru dediyimə inanacaqdınız. Doğrudan da, Almaniya konsulluğuna aid vəsiqələr içərisində nə miss Hanna, nə də başqaları tərəfindən bizim əleyhimizə verilmiş materiallar yox idi. Amerikalı qızın dedikləri doğru idi, buna görə də onun daxili əziyyətlərini azaltmaq üçün: – Sizi əvvəlki vəziyyətinizə qaytarmış olarsam, sözümə baxarsınızmı? Qız yenə də boynuma sarılaraq: – Mənim ruhum, - dedi, – mən sizin nə zaman sözünüzdən çıxmışam ki? – Sözümdən çıxmamışsınızsa, işlərinizi məndən gizlətmişsiniz. Bu iş bizim səmimiyyətimizə yaraşardımı? Qız bu sözümdən utandı və: – Doğrudur, məni cəzalandırınl – dedikdə mən: – Bunun üçün də sizi cəzalandırdım, məgər biləyinizin ağrısını hiss etməyirsinizmi? Qız biləyinə baxmadan: – Ürəyimin ağrısı daha şiddətli olduğu üçün biləyimin ağrısını unutdum. Miss Hannanın biləyini, tapançanı almaq üçün özüm də hiss etmədən elə dəhşətli sıxmışdım ki, onun biləyində barmaqlarımın yeri qalmışdı, o biləyinə baxaraq bir ah çəkdi və: – Bu yadigar biləyimdə həmişəlik qalsaydı! – dedi. – Heç darıxmayın, siz yenə də özünüzü xoşbəxt hiss edəcəksiniz. Sizin qiymətli şeylərinizi də yığışdırıb saxlatdırmışam, sizə verilən yadigarlar, hədiyyələr tamamilə yerindədir. Təzə binaya köçdüyünüz zaman onları sizə qaytaracağam. Miss Hamna bir ah çəkərək: – Hər şeyi bərpa etmək mümkündür, lakin mənim Amerika konsulxanasında itirdiyim hörmətimi bərpa etmək mümkün deyildir, – dedikdə mən: – O da mümkündür, gözəl qız, – dedim. – O gözəllik də məhv oldu, varlığım bu bir neçə günlük daxili əziyyətlərin pəncəsində çeynənib bitdi. – Sizin gözəlliyinizə heç bir xələl yetməmişdir. – Doğrudur, çünki siz mənə baxdıqda, gözünüzə ancaq bir miss Hama görünür, lakin o dəyişmiş, dəyişməmişdirsə, onda da, indi də bununla işiniz olmamışdır, siz daima mənə fərqsiz bir nəzərlə baxmışsınız. Bunun səbəbini də bilmədim, sizi öyrənməyi bacarmadım. Qızların bir xəstəliyi də burasındadır ki, onlar özlərinə əhəmiyyət verməyən adamlara daha sıxı bir surətdə bağlanırlar. Bu xəstəlik məndə daha artıq idi. Mən dünyada sizdən gözəl, sizdən mədəni və sizdən bacarıqlı bir adam bilmirdim. Mən sizə bəslədiyim səmimiyyəti heç bir kəsə bəsləməmişəm. Onun xatirəsi üçün mənə kömək edin, mən məhv oluram. – Mənim dostum, elə bilirəm ki, sizə olan hörmətimi hiss etməmiş deyilsiniz, mən də sizin özümə olan səmimiyyətinizi və sevginizi hiss edirəm. Hərgah bizim qarşılıqlı sevgimiz indiyə qədər bir nəticə verməmişsə, bunun da böyük bir səbəbi vardır, lakin hadisələr bu kimi səbəbləri aydın etməyə və sevgi kimi şəxsi işlərlə məşğu! olmağa imkan verməmişdir. Sizə yardım vermək məsələsinə gəldikdə, bütün varlığımla hazıram. Sizi Amerika konsulxanasında işə düzəltməyə qədər sizə söz verirəm. Bilmirəm, siz Amerika konsulxanası tərkibində baş verən təbəddülatı eşitmişsinizmi? – Xeyr, eşitməmişəm. – Konsul getmişdir, yerinə təzə konsul gələcəkdir. Bütün konsulxana işlçiləri, katib Friksondan başqa, dəyişilmişdir. – Frikson qalırsa – bəsdir. – O sizə heç bir şey edə bilməz. – Mənim böyük düşmənim odur. – Nə üçün? – Mən onun arvadı Saranı təhqir etmişəm. – Nə üçün? – Çünki o qadın əxlaqsızdır. O sizinlə tanış olmaq istəyirdi. O bizim dostluğumuzu qırmağa çalışırdı. – Bunlarda işiniz yoxdur. Deyin görüm konsulxanada çalışmaq istəyirsinizmi? – Orası boş bir xəyal deyildirmi? – Bunu mən sizə təklif edirəm, siz mənim boş söz danışmaq istəmədiyimi yenədəmi öyrənmədiniz? İstəsəniz sizi orada işə düzəldərəm. Yaxud orada namusla işlədiyiniz və öz xahişinizlə işdən xaric olduğunuz barəsində vəsiqə ala bilərəm. Qız sevinərək: – Mənnə qədər xoşbəxt bir qızam! – dedi. – Bəlkə, mən Culfada sizə rast gəlməyəydim, İranda nə cür yaşaya biləcəkdim?1 Mən bu sualın cavabını öz qəlbimdə verərək €Culfada mənimlə tanış olmasaydın, bu bəlalar da başına gəlməzdi», – dedim. Miss Hanna yanımdan durdu, içəri otağa keçdi, yarım saatdan sonra gəldi. Əyninə başqa paltar geyinmişdi. Paltar təzə deyildi, harada isə bu paltarı onun əynində görmüşdüm. Məncə, bu paltarı mən on dörd gecəlik ayın yasəmən ağacları dalından üzümüzə şəfəq saldığı, yarpaqların hərəkəti amerikalı qızın çöhrəsində oynadığı, ördəklərin hovuzdan çıxıb qanad-qanada çalıb qışqırdığı, bütün həyatın yaylaq havasına məxsus lətafətin içərisində çimdiyi, gecəquşunun səsi Kəmtal dağlarında əks etdiyi, burnuma ətirlənmiş saçların qoxuları gəldiyi gecədə, Hacı xanın evində, Livarcan yaylasında görmüşdüm. O zaman nə miss Hanna, nə də mən bu qədər yorulmamışdıq, çox şən bir ruha malik idik. Xidmətçi qadın bir stəkan çay gətirib yanıma qoyduqda başını qaldırıb üzümə baxa bilmirdi, çünki onun da casus olduğunu və qızın yanina Almaniya konsulxanası tərəfindən təyin olunduğunu bilirdim. * * * Çar konsulu gəlir Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır. Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi. – İmperatorun özüdür, vəliəhdidir, iki gözüdür. Bu məlikəsidir, bu qızlarıdır, bu də əmisidir. Çox da ucuzdur, biri bir tüməndir, doqquz qran eləmişik. Xəbərin olsun ay təbrizli, gəl tamaşasına!.. Bu imperatorun vəzirləridir, bu imperatorun generallarıdır... Bu qubernatorlar, bu naçalnik, bu da pristavlarıdır. Bu da qaradovoylarıdır. Ucuz elədik, qaradovoyun biri bir qran! Yubanma, kasıb, səkkizcə dənə qaradovoyumuz qalıbdır. Mən iki gün əvvəl bu dükanın qabağından keçəndə o, gələnlərə başqa şəkillər təqdim edib oxuyurdu: – Bu Soltan Məhəmməd Xamisdir, xəlifeyi-ruyi zəmindir. Ənvər paşa da həmindir. Bu qardaşlarıdır, bu əmiləridir, bu toplarıdır, bu da gəmiləridir... Konsulun görüşünə birinci olaraq sərdar Rəşid getmişdi. Hər halda onun bizə söz verdiyinə və kağız imza etdiyinə baxmayaraq, ona əmin olmaq çox çətin idi, o, ruslar gəldikdən sonra arxasını onlara verib bizi sata bilərdi. Buna görə də mən bu məsələnin nəticəsindən qorxurdum. Evə gəldim, birinci kərədir ki, Rusiya qəzetləri Təbrizə gəlirdi, oturub qəzet oxuyurdum. cRusskoye slovo» qəzeti məni məşğul etmişdi, cəbhə xəbərləri ilə maraqlanırdım. Nina da evdə yox idi. Nigaran idim, onun konsulxanadan nə kimi xəbərlər gətirməsini gözləyirdim. Telefonun zəngi vurdu. Dəstəyi götürdükdə sərdar Rəşidin səsini eşitdim. O: – Salam, cənab Əbülhəsənbəyl – dedi, – Təzə xəbəri bilirsinizmi? – Xeyr, bilmirəm! – Cənab general-konsul məni hüzuruna çağırmışdı. – Elə isə sizi təbrik edirəm! – Sizi də təbrik etmək lazımdır. Haqqınızda cənab konsula o ki, lazımdır ərz edib sizin xidmətinizi bir-bir tərif etmişəm, hətta o dərəcəyə gəlib yetişdi ki, cənab general sizə xüsusi salam yetirməyi mənə tapşırdı. – Bunların hamısı həzrət əşrəfin bizə olan iltifatından asılıdır. Bizim həmişə sizə kiçikliyimiz olmuş, yenə də olacaqdır. Sağlıq olursa, biz də bunun əvəzində sizə bəndəçilik edərik. Əlbəttə, biz özümüzü sizin böyük xanədanınıza mənsub bildiyimiz üçün iftixar edə bilərik. Mən bu cür sözlərdən və İran tacirlərinə məxsus quru və həqiqətdən uzaq kəlmələrdən bir xeyli dedikdən sonra, sərdar Rəşid də özünü həqiqətən bu dediklərimə layiq bilərək: – Belədir ki, var, – dedi, – həmişə kölgəmiz sizin üstünüzdə olacaqdır. Mən elə istəyirdim ki, cənab Əbülhəsənbəylə bir də oturub ətraflı danışaq və gələcək xətt-hərəkət barəsində bir daha qərarlaşaq. – Həzrət əşrəf hər zaman buyurarsa, bəndə hazıram. Bəndə öz tərəfimdən qəti söz verirəm ki, bütün qüvvətimlə həzrət əşrəfin nüfuzunun xalq arasında böyüməsi üçün çalışacağam və həzrət əşrəfin düşmənlərini öz düşmənim hesab edib, mübarizə aparacağam. – Qeyrətinizə, namusunuza qurban! Mən buna inanıram... Mən də sizin kimi namuslu vətəndaşlara arxalanıb, bu vəzifəni qəbul etmişəm. Zənnimcə, tezliklə görüşəcəyik. «Həzrət əşrəfə mənə dua edə-edə telefonun dəstəyini yerə qoydu. Oturub qəzet ilə məşğul olmağa başladım. O qədər çəkmədi ki, Nina gəldi, tələsik əlcəklərini çıxarıb cibinə qoydu, paltosunu, şlyapasını tutub asdılar, o, Təhminə xanıma müraciətlə: – Ana, üşümüşəm, mənə bir stəkan çay versinlər, – dedi və gəlib oturdu. O hələ bir söz demədən mən onun gözlərinə və çöhrəsinə baxırdım. Mən həmişə şad və qəmgin xəbərləri onun çöhrəsindən və gözlərindən oxuyardım. Yenə də Ninanın gözləri gülürdü, yenə də onun çöhrəsinin hər iki tərəfində çuxurlar açılırdı, o, sevinə-sevinə bir məktub çıxarıb mənə verdi. «Cənab Əbülhəsənbəyl Bu gecə saat 11-də konsulxanada düzələn görüş ziyafətinə Nina xanımla bərabər gəlmənizi arzu edirəmə. Məktubu general-konsul yazmışdı, o bu ziyafətlə öz qələbəsinin bayramını etmək və diplomat nümayəndələri ilə görüşmək istəyirdi. Nahar süfrəsinə oturmamış telefonun zəngi vurdu, danışan yenə də sərdar Rəşid idi: – İndi bu saat cənab generalın öz əli ilə yazılmış bir dəvətnamə aldım, saat 11-də ziyafətə dəvət edilmişəm. Bilmirəm sizinlə orada görüşə biləcəyikmi? Bunu çox arzu edirdim. Zənnimcə, ziyafətə cənab general sizi dəvət etməmiş olmaz, çünki bəndə o ki, lazımdır tapşırmışam. – Bəli, bizi də dəvət etmişlər, axşam orada görüşəcəyik, – deyə dəstəyi asdım. Süfrə başında Nina konsulxanadan aldığı məlumat haqqında danışmağa başladı: – Konsul sərdar Rəşidin şeylərinin getməsindən həyəcana düşmüşdür, çünki onlar həmin vəsiqələrin getməsi nəticəsində sərdar Rəşid kimi sadiq bir nökəri itirmələrindən qorxurlar. Sərdar Rəşidin nişanının aparılmasına o qədər əhəmiyyət vermirdi, çünki onu əvəz etmək mümkündür. Sərdar Rəşidi yanına çağırmışdı, onunla uzunuzadı danışdı, sərdar Rəşid onun yanından çox şad bir üzlə çıxdı, sevindiyindən yerişini belə itirmişdi. Sərdar Rəşid getdikdən sonra konsul məni yanına çağırıb kefimi soruşdu və əlim əlindəykən: «Bu saat mənim yanımda sizin dostunuzdan möhtərəm və namuslu bir şəxs yoxdur. Siz bir-birinizə layiqsiniz. Get mənim salamımı ona yetir və bu məktubu da ona verlb – dedi. İndi mən qismən sakit olmuşdum. Sərdar Rəşid imzasının hörmətini gözləyərək, bizim haqqımızda müsbət məlumat vermişdi. Ziyafətə hazırlanmaq lazım idi. Hələ vaxta bir saat qalmışdı, konsulun avtomobili qapıda dayandı, bizim ziyafətə bir saat tez getməyimiz lazım gəlirdi. Nina bütün qiymətli zinətlərini üstünə taxdı, bununla da konsula özünün qələbə bayramını şadlıqla qarşıladığını anlatmaq istəyirdi. Mən də təmiz və ziyafətə məxsus paltarlarımı geyinmişdim, bu halda Məşədi Kazım ağa içəri girdi, bizi geyinmiş görüb soruşdu: – Hara belə təşrif aparmaq istəyirsiniz? – Konsulxanada düzəlmiş böyük ziyafətə gedirik. – Bu ziyafətdə bəndə üçün bir çörək bişirəcəksiniz, ya yox? – Bişirmişəm, xatircəm olun, bundan sonra rusların bütün ticarəti yenə də əvvəldə olduğu kimi sizin əlinizdə olacaqdır. Sizin yenədəmi alış-verişə ehtiyacınız vardır? Pulların faizi kifayət etmirmi? – Hələ günəşin başı yarımçıqdırl – dedi və tez qayıdıb evinə qaçdı, on dəqiqədən sonra ən qiymətli bir sancaq gətirib Ninanın döşünə taxdı. – Məşədi Kazım əmin səni cöldən tapmayıbdır, – dedi və güldü. İnqilabdan milyonlar qazanmış bu tacir dalımızca: – Gedin, işləriniz uğurlu olsun, – dedi və Ninaya müraciətlə: – Qızım, onu ağanın yadina salarsan hal – deyib bizi avtomobilin yanına qədər ötürdü. Biz konsulun ziyafət salonuna yox, öz xüsusi otaqlarına, ailəsi yaşayan mənzilə getdik. Ziyafət otaqlarında heç kəs yox idi, çünki çox tez idi. Konsul mənim əlimi sıxdığı zaman: – Çox şadam ki, – dedi, – yenə də sağ və salamat görüşdük. Hərgah Təbrizdə sizin kimi bir neçə mədəni, əqilli adamlar olsaydı, hərgah beş nəfər sizin kimi öz vətəninin səadətinin harada və kimlərdə olduğunu anlasaydı, hər iki dövlətin mənfəəti və dostluğu zərrə qədər xələldar olmazdı. Mən konsulun cavabında: – Doğrudur, cənab general! – dedim. – 11-ci ilin hadisəsi bizim üçün bir ibrət dərsi olmuşdur. O zaman bir çoxları xalqın avamlığından istifadə etdi. Xalqı özünə mədəniyyət və səadət gətirən çar ordusunun və çar diplomat nümayəndələrinin üzərinə qaldırdı, nəti- «ədə minlərcə rus və iranlı qanı töküldü. Cənab general bilir ki, son günlər Təbriz yenə də həmin təhlükənin qarşısında durmuşdu. Həmin bədbəxtlik yenə də xalqın başı üzərində dolaşırdı, bunun üçün də cənab general Təbrizdən getdikdən sonra biz camaatı başa saldıq, onları təşkil etdik, bu gələnlərin Təbrizi qarət etmək və xalqı öz dostunun, öz mehriban qonşusunun üzərinə qaldırmaq üçün gəldiklərini izah etdik. Bizim bu təşəbbüsümüzə mane olanları cəzalandırdıq, xalqın özünü, rus təbəələrini, rus himayəsində olanları müdafiə üçün dəstələr düzəltdik. Lakin əlimiz boş idi. Silahsız bir iş görmək olmayacaqdı, cənab sərdar Rəşidə müraciət elədik, o bizi çox hörmətlə qəbul etdi, bizdən silahı müzayiqə etmədi. Bizim bu təşəbbüsümüzün gözəl nəticələrindən birisi də budur ki, onlar erməni xalqını qətlqarət edə bilmədilər. Şükür olsun ki, müvəffəq olduq, bir nəfərin də burnu qanamadı, yenə də silahları və patronları aparıb həzrət əşrəfin göstərdiyi adamlara təhvil verdik. General-konsul ikinci kərə əlimi sıxaraq: – Bu barədə erməni xalqı yazılı olaraq sizdən mənə razılıq göndərmişdir, cənab sərdar Rəşid biz Tiflisdə olanda sizin barənizdə teleqramla məlumat vermişdir. Bu günün özündə haqqınızda təfsilən danışdı və silahları eynən təhvil verdiyinizi qeyd etdi. Mən də öz tərəfimdən sizi əmin edirəm: biz bu kimi hadisələrdə öz köməyimizi sizdən əsirgəməyəcəyik. Bizim bütün məqsədimiz odur ki, Təbriz xalqı Rusiyanın özünə dost olduğunu bilsin. Əlhəmdülillah bunu da xalq sizin kimi namuslu şəxslərin vasitəsilə bilib və anladı. – Cənab general doğru buyururlar. İndiyə qədər xalqımıza bu açıq həqiqəti anladan olmamışdı, çünki xalqın anlaması qara fikir daşıyanlar üçün əlverişli deyildi, bu yazıq xalqa hər kəs ümumi məqsəd üçün yox, şəxsi məqsəd, şəxsi mənfəət üçün yanaşmışdır. İndi tam yeddi ildir ki, qara fikirli adamlar Təbriz xalqını dalısına salıb cürbəcür uçurumlara çəkir. Cənab general özü mülahizə buyursun: Təbriz xalqı hara, hökumətə asi olmaq hara? Təbriz xalqı hara, böyük Rusiya imperatorluğuna qarşı üsyan etmək hara? Bu yazıq camaat nə edə bilərdi? Onları öz ixtiyarına qoydularmı? Lakin indi camaatı qandırmışıq, artıq onlar öz dost və düşmənlərini çox gözəl tanıyırlar. Mən cənab generala xalqın tərəfindən deyə bilərəm ki, lazımi vaxtında, cənab generalın bir əmri olan kimi camaat öz sədaqətini göstərməyə hazırdır. Konsul bu sözlərimdən sonra yenə də bir neçə kərə: – Afərin, afərin! – deyərək əlavə etdi. – Sizin bu xidmətinizi təqdir edirik. Xariciyyə nəzarətinə yazmışam, sizin üçün birinci dərəcəli nişan xahiş etmişəm. Siz Rusiyanın iftixar nişanına layiq bir şəxsiyyətsinizl İndiyə qədər biz dostlarımızın heç birisindən bu cürə xidmət görməmişik. – Cənab generalın böyük himayəsi bizim üçün yüz nişandan qıymətlidir. Bu qapıdan öz doğma evimə girən kimi girməyimin özü mənə böyük bir şərəfdir! – Təşəkkür edirəm! Hələlik siz gərək yenə də bizim qoşun təchizatı məsələlərimizi öz öhdənizə alasınız. – Eybi yoxdur, bunu yenə də bizim ən inandığımız Məşədi Kazim ağaya tapşırarıq, çünki o çox da pulpərəst adam deyil, özü də imperator hökumətinə xidmət göstərməyi özü üçün bir şərəf hesab edir, – dedikdə konsul: – Biz gərək öz qazancımızı öz dostlarımıza verək, siz həmişə bunu yadınızda saxlayın, – dedi. Qonaqların gəldiyini xəbər verdilər. Durub ziyafət salonuna keçdik, kiçik simfonik orkestr düzəlmişdi, yavaş-yavaş çalırdılar. İngiltərə, Fransa, İtaliya nümayəndələri öz arvadları və qızları ilə bərabər gəlmişdi. Lakin mər: bunların heç birisi ilə maraqlanmırdım, mən ancaq Amerika konsulxanası katibi Friksonu gözləyirdim. Onunla görüşüb miss Hannanın işə düzəlməsi barəsində müqəddimə başlamaq istəyirdim. Nəhayət, ən sonda Frikson da öz arvadı Sara ilə gəldi. Konsul məni onunla tanış etdiyi zaman, o, diqqətlə mənim üzümə baxdı, çünki o məni bir kərə miss Hannanın ad günündə görmüşdü. Şübhəsiz ki, amerikalı qızın alman casusu çıxması və Amerika konsulxanasına bu barədə verilən məlumat nəticəsində, eyni zamanda qızın birdən-birə Təbrizdən yox olmasından sonra Frikson mənə soyuqqanlı bir surətdə yanaşa bilməyəcəkdi. Bunun üçün də mən onu qabaqlayıb, özünün casus olması barəsində ona işarə vurmağa çalışırdım, hərgah mən qəflət etmiş olsam və fürsəti əlimdən buraxsaydım, Frikson çar konsuluna yaltaqlanmaq üçün mənim amerikalı qızla əlaqədar olduğumu söyləyə bilərdi. Bu düşüncələr məni həddindən artıq rahatsız edirdi. Friksonun arvadı Sara xanım da gəlib mənim əlimi sıxaraq: – Biz sizinlə beləmi danışmışdıq? – dedi. – Siz tez-tez görüşəcəyimiz haqqında mənim canıma and içməmişdinizmi? Başınız sarı saçlı qızamı bənd olmuşdur?1 O zəngin qadınla təzəmi tanış oldunuz? – Xeyr, o qızla çoxdan bəri tanışam, – dedikdə Sara kinayə ilə: – Bundan sonra qadınlar saçlarını sarı rəngə boyamalı imiş, – dedikdə mən: – Hər bir boyalı şeydə aldadıcı xasiyyət vardır, – dedim. – Mən sarı saçları təbii olduğu üçün sevirəm. Nina da gəlib bizə yanaşdı, Frikson da gəldi, Friksonla mən onları buraxıb gəzişməyə başladıq. Frikson mənim üzümə diqqətlə baxaraq: – Gərək ki, biz casus çıxmış və ifşa edilmiş alman qızının evində tanış olmuşuq, miss Hannanın yanında görüşmüşük, – dedikdə mən də çox soyuqqanlı bir surətdə cavab verdim: – Mənim də xatirimə belə gəlir, sizi miss Hanna mənlə tanış etmişdi. O cür adamlarla tanış olduğuma təəssüf edirəm... Bu bəs deyilmiş ki, hələ onun evində daha böyük xəyanət sahibləri və öz dövlətinin sirlərini ayda beş min manata satan casuslarla da tanış oldum. Bu sözümdə Friksonun dünyası dəyişdi, çünki Friksonun özü də çar konsulxanasından ayda beş min manat alıb Amerika konsulxanasında olan siyasi sirləri satırdı. Əlimizə keçən vəsiqələrin içində Friksonun xəyanətinə dair vəsiqələr də var idi. Mən ona göz qoymuşdum, o artıq məni buraxmaq istəmirdi, hər yana gedirdimsə, kö!gəm kimi dalımca sürünürdü. Artıq o mənə yaltaqlanmaq üçün mövzu aramağa başlamışdı. Papirosuma kibrit çəkir, çiynimə düşmüş papiros külünü barmağı ilə vurub təmizləyir, tez-tez «sizə və «siz cənabə deyə danışırdı, nəhayət, nicatı yenə də arvadında gördü və onu yanımıza çağıraraq: – Bax, mərhəmətli cənaba sözün varsa, özün ərz et! Evdə həmişə deyirsən ki, cənab ağa iltifat buyurub, bizim evimizə gəlmir. Sara xanım dedi: – Mən sizdən qabaq cənab ağadan özünə şikayət etmişəm. Mən də cavabında: – Mən sizin gözəl, nəcib, mədəni xanımınızı heç vaxt unutmamışam. Lakin biz o qədər əhəmiyyətli adamlar deyilik ki, siyasi vəzifələr sahibi sizin kimi adamların vaxtını almağa cəsarət edə bilək, – dedikdə Frikson: – Xeyr, xeyr. Bu nə sözdür? Sizinlə olan bir gecəlik müsahibat bizdə yüz illərin təsirini buraxmışdır. Hərgah tənəzzül buyursaydıniz, sabah gecə sizi evimizdə gözləmək üçün bizə icazə verərdiniz. – Xeyr, – dedim, – sizə zəhmət vermək istəmirəm. – Bunu Sara xanım sizdən rica edir. – Hərgah Sara xanım tələb edirsə bu tələbi qəbul etməyə hazıram, – dedikdə Sara: – Gəlməsəniz küsəcəyəm, – dedi. – Söz verirəm. – Frikson əllərini bir-birinə sürtə-sürtə məndən ayrılıb, Mirzə Ələkbər xana yanaşdı, onlar burunlaşmağa başladılar. Mən bundan şübhələndim, Frikson məsələni ona açıb deyə bilərdi. Çünki o, Mirzə Ələkbər xanın vasitəsilə ruslara satılmışdı. Mirzə Ələkbər xan özünü mənim yanımda çox kübar və məğrur tuturdu. Halbuki bizim əlimizdə onun həm Amerika, həm də Almaniya casusu olması haqqında lazımi sənədlər var idi. Mən bu barədə məlumatımızın olmasını onun qulağına pıçıldamaq istədim. Frikson ilə Mirzə Ələkbər xan bir neçə kərə dolandılar, nəhayət, Frikson onunla bərabər mənə yanaşdı və birlikdə gəzişməyə başladıq. Mirzə Ələkbər xan söhbət arasında: – Gərək ki, cənab ağa ilə birinci kərə yenə də cənab generalın ziyafətində tanış olmuşuq, – dedikdə mən məqsədimə giriş taparaq ona yavaşdan dedim: – Mən cənab xanı yalnız rəsmi ziyafətlərdən deyil, həqiqi vəsiqələr vasitəsilə də tanıyıram. Mirzə Ələkbər xan hələlik sözümün canını anlamadı, buna görə də laqeyd bir surətdə soruşdu: – Cənab ağa hansı vəsiqələri buyurdu? – dedikdə mən yavaşdan qulağına dedim: – Cənab xanı cənab Friksonla əməkdaşlıq etdirən vəsiqələri ərz edirəm. Birisi ayda yüz tümən, ikincisi isə ayda beş yüz tümənə sizi Vaşinqton və Berlinə bağlayan vəsiqələri, indi xatırladınızmı? Bu sözdən sonra Mirzə Ələkbər xan qolumdan tutdu və Friksonu başqalarına buraxaraq mənimlə gəzməyə başladı. Mən onun həddindən artıq həyəcan və qorxu keçirdiyini vücudunun titrəyişindən hiss edirdim. O, qolumdan tutduğu üçün məni də titrədirdi, mən onun ürəyi keçəcəyindən qorxduğum üçün onu təskin etmək qərarına gəldim: – Cənab xan, özünüzü ələ alın, – dedim, – bu qədər ciddi işlərə cəsarət edən sizin kimi adamlarda qüvvətli bir qəlb mətanəti də olmalıdır. Təşvişə lüzum yoxdur, sizin sirləriniz möhkəm əllərdədir, o əllər də sizin vəziyyətinizin pozulmasına imkan verməyəcəkdir. Mirzə Ələkbər xanın dili açıldı və: – Ağa, bir səhvdir olubdur, – dedi, – gərək ağa bu sirlərin açılmasına yol verməsin, yoxsa bəndə rüsvay ola bilərəm, – dedikdə mən papiros qutusunu çıxarıb onun qarşısına qoydum. – Sizə söz verirəm! – dedim. – Siz bizimlə əməkdaşlıq etməkdən boyun qaçırmasanız, bu vəsiqələr barəsində heç kəs bir şey bilməyəcəkdir, əmin ola bilərsiniz. – Elə bəndə çoxdan bəri cənab sərkar ilə yaxından tanış olmaq istəyirdim, hətta bu barədə Nina xanıma da bir neçə kərə ərz etmişdim. O daha məndən əl çəkmirdi. Süfrəyə əyləşdiyimiz zaman belə məndən ayrılmadı. Ziyafət bitdiyi zaman Mirzə Ələkbər xan mənim əlimi sıxaraq: – Sabah saat dörddə görüşə biləcəyikmi? – Harada? – Bizim evə təşrif gətirə bilməzsinizmi? Bir bəndə, bir də sərkar olmalıdır. – Elə də lazımdır, – dedim. kokok İçəri girən kimi Mirzə Ələkbər xan irəli gəlib əlimi sıxdı və sual verdi: – Ağa, doğrudan da, dünən gecə buyurduqlarınız səhihdirmi? – Hərgah məni bura iş üçün dəvət etmişsinizsə, gəlin iş adamı kimi danışaq, – dedim. – Mən, fəqət sizinlə görüşüb danışmaq və razılıq əldə etmək üçün indiyə qədər vəsiqələrin ifşa edilməsinə razı olmamışam. Hərgah siz bu xeyirxahlığı təqdir etmirsinizsə, mən bunun üçün sizə heç də yalvarmayacağam. – Cənab ağa, bu nə fərmayişdir? Hansı vələdüzzina bu xidməti təqdir etməz?1 Ağa, siz nə fərmayiş buyurursunuz? Bu məsələ mənim həyat məsələm deyildirmi? – İndi ki, bu məsələ sizin həyat məsələnizdir, o zaman bütün suallarıma doğru cavab verməlisiniz! – Vicdanıma and olsun ki, mən ömrümdə yalan danışmamışam. – Çox gözəl. Buyurun görüm Almaniya konsulxanası ilə nə zamandan bəri əlaqədarsınız? – Rusiya konsulxanasında işə girdiyimin ikinci ili, demək ki, on beş il olar ki, alman konsulxanası ilə əlaqəm vardır. – Bu əlaqə nə cür düzəlmişdir? – Mən iki il idi ki, çar konsulxanasında xidmətə girmişdim, çarın taxta oturan günü bütün konsulxana əzaları konsulxanadakı ziyafətə yığışmışdılar. Mən o gecə Əbülfət Mirzə ilə tanış oldum. Mən hara gedirdimsə o məndən əl çəkmirdi. Nəhayət, biz onunla bir neçə kərə də görüşdük. Bunu çar konsulu da bilirdi, çünki görüşümüz rəsmi günlərdə olmuşdu. Günün birində konsul məni öz kabinetinə çağırdı, bir kağız götürüb qabağıma qoydu. Mən kağızı oxudum, orada mənim maaşımın ayda on tümən artırılması üçün hesabdara əmr verilmişdi, mən çox razılıq etdim, çünki o zaman mənim maaşım ancaq ayda iyirmi beş tümən idi. Mən kağızı oxuyub konsulun yazı masasının üzərinə qoyduqdan sonra konsul əlavə olaraq dedi: – Hərgah siz özünüzə tapşırılan vəzifələri layiqincə bitirmiş olsanız, gələn yanvardan maaşınız əlli tümən olacaqdır. Mən: – Çox razıyam. Allah imperatorun kölgəsini bizim başımızın üstündən əskik etməsin, – dedikdə konsul da: – İndi ki, siz imperatorun kölgəsini bu qədər qiymətləndirirsiniz, o zaman imperator hökumətinin nüfuzlu və qüvvətli olması yolunda da çalışmalısınız, – dedi. Mən onun nə edəcəyini və nə istəyəcəyini bilmirdim, yenə də tez-tez təşəkkürlər və məmnuniyyətlər izhar edirdim. Nəhayət, konsul əsas məsələyə keçib soruşdu: – Sizin Əbülfət Mirzə ilə əlaqəniz nə cürədir? – Əlaqəmiz dostanədir. – Bir-birinizin evinə gedib-gəlməyiniz vardırmı? – Bəli, vardır. – Elə isə nə üçün onu bizimlə işləməyə dəvət etmirsiniz? – O, alman konsulxanasında çox gözəl maaş alır, oradan əl çəkəcəyinə ümid etmirəm. – Ora ilə bərabər eyni zamanda bizdə də işləyə bilər. – Nə iş görəcəkdir, mən ona təklif edərəm. – Onun işi çox sadə və çox da yüngül bir iş olacaqdır. O, Almaniya konsulxanasına aid vəsiqələrin surətini çıxarıb bizə verəcəkdir. Bunun müqabilində isə biz ayda ona beş yüz tümən pul verəcəyik. Konsul bu sözü dedikdən sonra, doğrusu bu qazancın böyük və zəhmətsiz bir qazanc olduğunu hiss etdim, öz-özümə: Bir belə gəlir mənbəyi olsaydı, mən özüm də qəbul edərdimə – dedim. Mən düşünürdüm, nəhayət, konsul mənə sual verdi: – Deyin görüm bunu baca bilərsinizmi? – Zənnimcə, bacara bilərəm, – dedim, – çünki Əbülfət Mirzənin və ümumiyyətlə, Qacar şahzadələrinin tamahkar və rüşvətxor olduqlarını bilirdim. Konsul mənə belə bir tapşırıq verdi: – Siz bu işin düzəlməsi üçün onun yanına getməməlisiniz, təsadüf etdiyiniz zaman siz özünüz paraya ehtiyacınız olduğunu və maaşın məsarifə yetişmədiyini söhbət arasında deyərsiniz, heç şü»hə yoxdur ki, o da öz ehtiyaclarından söhbət açıb sizə deyəcəkdir. O zaman siz ona bu kimi gəlir mənbəyini göstərib onun razılığını ala bilərsiniz. Mən bu söhbətdən sonra konsulun kabinetindən çıxdım. Bu işin üstündən bir həftə keçdi, peyğəmbər vəfatı günü idi, əhli-qüburi ziyarətinə getmişdim. Qayıdanda şahzadə Əbülfət Mirzəyə rast gəldim. Hava da gözəl idi, ikimiz də faytonları buraxıb söhbət edəedə gəlirdik. Biz Rastabazara girincəyə qədər yüzə kimi seyid, dərviş, dilənçi qabağımızı kəsib pul istədi, mən bunu bəhanə edərək: – Üst-başımızı təmiz görüb, cibimizi dolu hesab edirlər, daha bilmirlər ki, ayda aldığımız iyirmi beş tüməndir, hər nə qədər qənaət edirsən yenə də ehtiyac içindəsən. Bu sözlərdən sonra şahzadə Əbülfət Mirzənin dərdi açıldı və mənə cavab verdi: – Adımız şahzadədir, lakin gözümüzü dikmişik ayda əlli tümənə. Lakin biz bacarıqsız adamıq, bizim yerimizdə başqaları olsaydı, çox gözəl həyata keçirə bilərdi, – dedikdə mən soruşdum: – Cənab şahzadə, biz nə edə bilərik? Konsulxanada nə iş görmək olar? – Bu sözümdən sonra şahzadə yavaşdan dedi: – Hərgah siz mənə inanmış olsanız, mən sizin üçün ayda beş yüz tümən gəlir yeri düzəldərəm, – dedi və mənim gözlərimin içinə baxmağa başladı. Mən onun dediyini dərhal anladım, mən onu işə cəlb etmək istərkən o da məni işə cəlb etmək istəyirdi. Buna görə də özümü bilməməzliyə vurub ona sual verdim: – Hərgah siz buna söz vermiş olsanız, mən də ayda beş yüz tümən gəlir mənbəyi düzəltməyimə söz verirəm. – Haradan düzəldəcəksiniz? – Bəs siz mənim üçün haradan düzəldəcəksiniz? – Bunu qabaqca siz bəndəyə deyə bilməzsinizmi? Doğrusu, mən qabaqca deməyə cəsarət etmədim, biz bir neçə kərə ssən de, sonra mən deyimə? sözlərini təkrar etdikdən sonra şahzadə Əbülfət Mirzə yavaşdan dedi: – Alman konsulxanası ilə əlaqəyə girsəniz, ayda beş yüz tümən ala bilərsiniz. – Bunu siz özünüz deyirsiniz, yainki bunu konsul sizə tapşırmışdır? – Konsul tapşırmışdır. – Elə isə mən də sizə söz verirəm: Rusiya konsulxanasından ayda sizə beş yüz tümən düzəldərəm. Bu sözümdən sonra şahzadə mənim ona dediklərimi təkrar etdi: – Bunu siz özünüz deyirsiniz, yainki bunu konsul sizə tapşırmışdır? – Bəli, konsul tapşırmışdır. Bu sözü ikimiz də birdən dedik: – Vəzifələr də ki, məlumdur! Haman gündən başlayaraq ikimiz də eyni vəzifəni daşıyırdıq. Hərgah şahzadə Əbülfət Mirzə Rusiya casusu olmasaydı, alman konsulxanası həbs olunduğu zaman, onu da həbs edərdilər. – Amerika konsulxanası ilə əlaqəniz nə yoldadır? – Mən əvvəlcə Amerika konsulxanası ilə əlaqədə deyildim, lakin Friksonun bizim konsulxanadan ayda böyük para aldığını bildiyim üçün Frikson öz aldığı puldan ayda mənə yüz tümən verirdi, sonraları mənə dedi ki, gəliniz bu yüz tümən məsələsini rəsmiyyətə salaq. Mən Friksona sual verdim: – Nə cür rəsmiyyətə? – Mən Rusiya konsulxanasından aldığım paraları nə üçün alıramsa, siz də Amerika konsulxanasından aldığınız yüz tüməni haman və eyni vəzifə üçün alacaqsınız. Mən də buna razı oldum, o zamandan bəri həmin vəzifədəyəm. – Frikson o qədər böyük paranı nə üçün alır? – Frikson yalnız Amerika konsulxanasında olan sirləri yox, Amerika konsulxanasının, ingilis və Fransa konsulluqlarından oğurlatdırdığı vəsiqələri də çar konsulxanasına verir. – Daha başqa yerlərlə əlaqəniz vardırmı? – Xeyr! Vicdanım haqqı heç bir yerlə əlaqəm yoxdur! – İndisə bizə bir iltizamnamə verməlisiniz. – Nə kimi iltizamnamə? – Götürün mən nə deyirəmsə yazın! Mən özümün alman və Amerika konsulxanalarına gizli vəsiqələr satdığımı iqrar edirəm. Mən hazırkı əlaqəni həmişəlik davam etdirməyə məcburam. Bütün işlərimi İran İnqilab Komitəsi ilə razılaşdırmağa söz verirəm. Çar konsulxanasına və başqa konsulxanalara məxsus gizli sirləri inqilab komitəsinə verməyə borcluyam. Mirzə Ələkbər xan bu vəsiqəni imza edib möhürlədikdən sonra məni nahar yeməyinə saxlamaq istədisə də, mən casusla göz-gözə oturub nahar etmək istəmədim. * * * Friksonun evində Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi. Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə: – Saat 1-də faytonu gətirib məni apararsınız, – dedim, irəli gəlib Friksonun əlini sıxdım və birlikdə dəhlizə girdik. Biz kiçik salondakı dəyirmi mizin ətrafında oturduq. Mizin üstündə hər cür içkilər və məzələr qoyulmuşdu. Hər şey öz yerində idi, bir şey gətirmək üçün üçüncü bir adamın salona girməsi lazım deyildi. Friksonun arvadı Sara xanım da gəlib mənimlə salamlaşmamışdı. Bir xeyli sonra bir nəfər xidmətçi qadın iki stəkan çay gətirib yanımıza qoyub qayıtdı. Frikson piyalələri konyakla doldurdu və əlinə alaraq: – Çoxdandır ki, sizin şərəfinizə piyalə qaldırmamışam, bu gecə iqbalımız bizə bu səadəti nəsib etmişdir, – deyərək piyaləsini içdi, mən də piyaləni dodağıma aparıb yenə də mizin üstünə qoydum. Çayı qarışdırmağa başladım, nə o, nə də mən danışmırdıq. Frikson üçüncü piyaləni içdikdən sonra çox təəssüfedici bir halda: – Hə, miss Hannal Bəli, miss Hamnal – dedi. – Zavallı qız yolundan azdı. Biz ondan heç də bu hərəkəti gözləməzdik, – dedikdə: – Nə üçün, bir adamın etdiyi işi başqa birisi edə bilməz? – dedim. Frikson piyaləsini əlindən yerə qoyub soruşdu: – Doğrusu, mən sizin bu cümlənizin məzmununu anlaya bilmədim, siz dünən gecə də konsulun ziyafətində belə bir müəmmanı söylədiniz. – Bəli, söylədim. Nə qədər ki, siz öz sirlərinizi bizə söyləməmişsiniz, o zamana qədər bizim bütün danışdıqlarımız müəmma şəklində qalacaqdır və biz bir-birimizi anlaya bilməyəcəyik. Yaxşısı budur ki, biz piyalə və şərab dostu olmaqdansa, bir-birimizlə sirr və səadət dostu olaq. Belə deyilmi? – Bizim sizinlə müştərək nə kimi sirrimiz ola bilər? – O şey ki, bizə məlumdur, onun gizlədilməsini məsləhət görmürəm, çünki bu sizin vəziyyətinizi qorxu altına ala bilər. – Anlamıram! Yenə də məsələ müəmnma şəklindədir. – Hərgah icazə versəydiniz mən məsələni bəzi suallar vasitəsi ilə aydın etmiş olardım. – Buyurun. – Amma rica edirəm ki, suallarıma doğru cavab verəsiniz. – Qəti söz verirəm. – Siz Əbülfət Mirzəni tanıyırsınızmı? – Bəli, tanıyıram. Onunla mən... – Artıq danışmaq lazım deyil, onu tanıdığınız kifayətdir, çünki onunla olan əlaqənizin hər cür şəkli bizə məlumdur. – İndi ki, məlumdur, daha mən nə deyə bilərəm? – Çar konsulxanası mütərcimlərindən Mirzə Ələkbər xanı da tanıyırsınızmı? – Tanıyıram. – Ayda beş yüz manatı onun vasitəsiləmi alırsınız? Frikson bu sözdən sonra məsələni dərhal anladı və titrək bir səslə dedi: – Bəli, onun vasitəsilə alırdım. – Almanlarla da belə bir münasibətiniz var idimi? – Bəli, var idi. Siz məni məhv etməyimi düşünürsünüz? ” Xeyr. Bunu xəyalınıza belə gətirməyin. Mən bununla sizi məhv etmək istəmirəm, əksinə, sizinlə sıxı dostluq əlaqəsi düzəltmək fikrindəyəm. Bu dostluq nəticəsində sizin rütbəniz, mövqeyiniz zərərdidə olmayacaq və dövlətlərə sirr vermək müqabilində aldığıniz paraları itirməyəcəksiniz. Bizim bu dostluğumuz sizin gəlir mənbələrinizi daha da artıra biləcəkdir. Siz buna inana bilərsiniz. – Mən sizə nə kimi bir xidmət edə bilərəm? – Siz hələ hər işdən qabaq kiçik bir məsələni aydınlaşdırmalısıniz. Sizin ingilis konsulxanası ilə əlaqəniz nə yoldadır? – İngilis konsulxanası bu barədə mənə müraciət etməmişdir. Lakin bu onu göstərmir ki, ingilislərin Amerika konsulxanası sirlərini almağa və öyrənməyə ehtiyacı yoxdur. Mənim zənnimə görə bu vəzifələri Amerika konsulunun özü bitirirdi, çünki onlar tez-tez görüşürdülər. – İndi sizinlə həmin qızın məsələsini həll edək! – Hansı qızın? – Miss Hamanınl – Nə kimi məsələsini? – Çar konsulxanasından qızın alman casusu olması barəsində sizə məlumat verilmişdirmi? – Bu məsələdən danışmağa lüzum vardırmı? Qız çoxdan bəri qaçıb getmişdir. – Mənsizə sual verirəm: qız haqqında çar konsulxanasından belə bir məlumat verilmişdirmi? – Bəli, verilmişdir. – Siz o barədə Tehrana və Vaşinqtona bir məlumat vermişsinizmi? – Heç yerə göndərilməmişdir. Vaxtımız olmadı. – Hazırda həmin yazılı məlumat haradadır? – Mənim yazı stolumun yeşiyindəki papkadadır. – Həmin kağızı gətirib mənə təqdim etməlisiniz. Hərgah bir yerə göndərilmək üçün surəti çıxarılmışdırsa, onları da gətirib təhvil verin, hərgah bu barədə bir kimsəyə sirr vermiş olursanız o zaman mövqeyinizin hazırkı şəkildə qalmasına söz vermirəm. – Bu saat, məlumatın özünü də, çıxarılmış surətlərini də gətirim. – Oturun, hələ məsələ bitməmişdir! Siz qızın gələcəyini təmin etmək üçün daha bir vəsiqə verməlisiniz. – Nə kimi vəsiqə? – Belə bir vəsiqə verəcəksiniz: cMiss Hanna Amerika konsulxanasında çox təmiz və namusla xidmət etmiş və özünə tapşırılan vəzifələri sədaqətlə bitirmiş, sədaqətli amerikalı olduğunu işdə göstərmiş və öz rizası ilə ərizə verib işdən kənar edilmişdirmə. – Bu da mümkündür. – Sonra da hərgah miss Hannanın özü bunu istərsə, onu işə götürüb əməkdaşlıq edəcəksiniz. Məncə, bu da sizin üçün mümkündür. – Nə üçün də mümkün olmasın, iş bizim əlimizdə deyilmi? – İndi bircə məsələmiz qalmışdır ki, o da son məsələdir. Siz bu saat həmin materiallarla bərabər bizə öz imzanızla belə bir iltizamnamə də verəcəksiniz: «Mən, aşağıda imza qoyan Amerika konsulxanasının baş katibi Frikson, borclu oluram ki, Almaniya və Rusiya konsulxanaları ilə olan əlaqəmi davam etdirim və gələcəkdə hər bir hərəkətim barəsində gizli inqilab komitəsinə xəbər verimə. Frikson bu son təklifi qəbul edib-etməmək barədə uzun-uzadı düşündü. Şübhəsiz ki, belə bir iltizamnaməni imza etmək hər kəs üçün çətin idi. Frikson bu iltizamnamə ilə bütün müqəddəratını bizim əlimizə tapşırmış olurdu. Lakin əlacsız idi, biz onu tələyə salmışdıq. Çox düşündükdən və boynunun dalını qaşıdıqdan sonra dedi: – Bu iltizamnaməni sabaha qoymaq olmazmı? – Xeyr, bu məsələlər bu gün yerbəyer olunmalıdır, qalan məsələlər barəsində sonda da danışmaq mümkündür. – Daha başqa məsələlər də vardırmı? – Qırx min dollar məsələsidir. Bunu da həll etməliyik. – Hansı qırx min?) – Almaniya lehinə təbliğat aparanlara paylanmaq üçün sizə qırx min dollar Amerika parası tapşırılmışdır. – Bu barədə sizin təklifiniz nədir? – O paraları təbliğatçılara vermək lazım deyil, o pulları tamamilə gizli inqilab komitəsi kassasına tapşırmalısınız. Bütün məsələlər bununla bitir. Frikson bir az da düşündü və bir-iki kərə başına hərəkət verərək: – Nə etməli? İndi ki, ağa bu təklifi edir, daha nə sözüm vardır. Lakin mən sizi burada buraxıb iş otağına keçməyə məcburam. Sara xanımı çağırım, siz onunla söhbət etməkdə olun. Mən də gedib buyuruqlarınızı düzəldim. Frikson durub getdi, bir neçə dəqiqədən sonra Sara xanım tovuz kimi əlvan donunun ətəklərini sürüyə-sürüyə otağa daxil oldu. Özü mənə yaxınlaşmadan əvvəl Loriqanın qəliz qoxuları məni əhatə etdi. O hələ salonun yarısında idi, mən yəhudi qızının gözəlliyini və üstünə tökdüyü zinətlərini gözdən keçirirdim. Şübhəsiz ki, Frikson Sara xanımı qəsdən yanıma göndərmişdi, hər şeydən əvvəl, qırx min Amerika dollarını verməmək üçün zəminə hazırlanmasını Sara xanıma tapşırmış olmalı idi. Sara xanım yanıma gəldi, ətirlənmiş incə əllərini dodaqlarıma uzatdı və: – Bu əlirazı salmağınız lazımdır, – dedi, – çünki bu əl sizi aparmaq üçün çox əziyyət çəkmişdir. Sara xanım bu sözləri dedikdən sonra kürsünü bir az irəli çəkib yanımda oturdu, mən onun sözünün cavabında: – Dost olmaq üçün insanları əl ilə yox, saf və səmimi bir ürəklə axtarmaq lazımdır. – Mənim ürəyim sizin üçün birinci görüşdə, miss Hannanın evində tanış olduğumuz zamandan bəri çırpınmağa başlamışdır. – Təəssüf olsun ki, mənim varlığım sizin kimi gözəl və incə bir qadının əziyyətinə səbəb olmuşdur, – dedim. – Mən heç bir zaman sizi unuda bilmirdim, lakin sizi sevən qızın xatirinə toxunmamaq üçün sizə yaxın gəlməyi bacarmırdım. Nəhayət, konsulun ziyafəti məni öz arzularıma nail etdi, siz bizim evimizə gəlməyə tənəzzül etdiniz. Hazırda mən əmin oluram ki, siz bundan sonra ara-sıra məni dinləyəcəksiniz. – Bəli! Mən sizin şirin söhbətlərinizi dinləməkdən də ləzzətli və qiymətli bir şey bilmirəm. Sara xanım bu sözdən sonra qara kirpiklərini bir-biri üzərinə tökərək nazlandı və yavaşdan dedi: – Mənim söhbətlərimi dinləməklə iş bitmir, onları eşitmək və əməl etmək lazımdır. – Mən Sara xanımın hər bir əmrini yerinə yetirməyə hazıram, buna söz verirəm. – Mən sizə heç bir vaxt əmr etməyəcəyəm, sizə yalvaracağam, sizdən rica edəcəyəm. – Məni o qədər də mədəniyyətsiz hesab etməyin, mən heç vaxt sizi yalvarmağa qoymaram. Sizin əmriniz olan kimi mən sizin sərəncamınızda olacağam. – Buna siz söz verirsinizmi? – Mən Sara xanımı əmin edirəm, mən çoxdan bəri cənab Friksonun mədəni ailəsi ilə yaxından tanış olmaq istəyirdim, indi şükürlər olsun ki, bu dostluğun əlaqəsini düzəldə bildik: bundan sonra mən özümü xoşbəxt hesab edəcəyəm. – Şadlığımdan qəlbim yerində durmur, baxınız, görün ürəyim nə qədər həyəcanlar keçirir? Sara xanım bunu deyərək əlimi qaldırıb öz döşlərinə qoydu, doğrudan da, onun qəlbi çırpınırdı. Lakin bu çırpıntılar sevgi çırpıntıları yox, qırx min dolların çırpıntısı idi. Mən: – Sara xanım, özünüzü ələ alın, sizin qarşısında heç bir çətinlik yoxdur. Bizim dostluğumuz yalnız səmimi dostluq olmaq şərtilə davam edə bilər, – dedikdə o yenə də mənim əlimi öz döşlərində bərk-bərk tutaraq: – Siz gərək mənə söz verəsiniz, heç olmasa mənim bir ricamı qəbul eləyəsiniz! Mən onun ricasının nədən ibarət olduğunu anlayırdım. Sara xanım sandığına yığdığı dolları çıxarıb İran İnqilab Komitəsinə vermək istəmirdi. Bütün müqəddimələr, bu ürək çırpıntıları və sevgi dastanları həmin qırx min dolları verməmək üçün idi. Buna görə də mən Sara xanıma açıq da olmasa, işarə ilə öz ricasının qəbula keçməyəcəyini bildirməyə çalışırdım: – Sara xanımın mənim şəxsiyyətimə aid olan bütün arzularını həyata keçirməyə hazıram. Şəxsiyyətimə aid olmayan ümumi məsələlərdə söz verə bilmərəm. Xalqa aid olan məsələlərdə mənə müraciət etməyəcəyinizə və məni məhcub buraxmayacağınıza əminəm. – Mən öz sevdiyimə yalnız şəxsiyyətimi deyil, bütün dünyanı qurban edə bilərəm. “. Söhbət uzun çəkdi. Sara xanım məndən özünü qane edəcək bir cavab ala bilmədiyindən bir kərə: – Ah kişilər, kişiləri – deyə bir konfet götürüb soydu və yavaşyavaş yeməyə başladı. Frikson da qapını açaraq salona girdi və qadınının sakit oturduğunu gördükdə: – Yəqin ki, Sara xanım sizi məşğul edə bilməmişdir, – deyərək gəlib oturdu, Sara xanım isə icazə alaraq şam hazırlığı üçün salonu tərk etdi. Frikson verdiyim tələblərin hamısına əməl eləmişdi. O, materialları mənim qarşımda qoyduqda: – Mən öz taleyimi sizin vicdanınıza təslim edirəm, – dedi. – Hərgah sizə fənalıq etmək istəsəydim, buraya gəlib sizinlə açıq danışmazdım. Lakin mən sizin mədəni ailənizin bədbəxtliyinə razı ola bilmədim. Sizin məsələnizi komitədə başqa cür qoymuşdular. Mən razı olmadım, sizinlə danışıb anlaşmağı məsləhət gördüm, buna yoldaşlar da razı oldular. Frikson yenə də qorxaq bir səslə: – Mən sizin bu məhəbbətinizdən yerdən göyə qədər razıyam. Bir az keçmədən xidmətçi gəlib bizi şam süfrəsinin başına çağırdı. Frikson və arvadı Sara xanım yenə də qırx min dollar məsələsinə keçərək cürbəcür bəhanələr meydana sürdülər, lakin hamısında da rədd cavabını aldılar. Şam yeməyini təzəcə bitirmişdik ki, qapı vuruldu. Tütünçüoğlu və Həsənağa məni evə aparmaq üçün gəldiklərini xəbər verdilər. Mən ayağa qalxıb əvvəlcə Sara xanımla, sonra da Friksonla vidalaşdıqda, Frikson: – Sizə əmin oluram hal – dedikdə mən də: – Bizimlə olan əlaqənizə təğyir verməyincə daima bizim tərəfimizdən əmin ola bilərsiniz, – dedim. Dəhlizə çıxdıqda Frikson kağıza bağlı bir şeyi Həsənağaya verərkən yenə də mənə müraciət edib: – Əfv edərsiniz, Sara xanım min dollarını xərcləmişdir, – dedi. * * * Jandarm təşkilatı Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik. Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə: «Bu gün konsul məni yanına çağırmışdı». qBu gün konsul dedi ki, həzrət əşrəfin kefi necədir?ə Bu gün konsul bayram münasibəti ilə məni təbrik etmişdi» və ilaaxır... sözlərdən ibarət idi. Bizim yoldaşlardan bir çoxu Tehranla əlaqə saxlamaq, ələ keçən gizli vəsiqələri mərkəzi hökumətə xəbər vermək məsələsini irəli sürürdü. Lakin mən buna qəti etiraz edirdim, çünki mərkəzdə oturanların bir hissəsi ingilis, bir hissəsi rus, az bir qismi də alman tərəfdarlarından ibarət idi. Buna görə də bizim Tehrana göndərdiyimiz xəbərlər birinci növbədə ingilis və çar səfirlərinin əlinə düşəcək, bununla da Təbrizdə gizli bir təşkilatın işlədiyi bəlli olacaqdı. Amerika konsulxanasının baş katibi də öz imzasına hörmət qoyur və vaxtlı-vaxtında bütün xəbərləri bizə gətirirdi. kok Vəliəhdin Təbrizə gəlmək xəbəri ilə bərabər Təbrizdə başqa bir hadisənin zühur edəcəyi gözlənirdi, çünki neçə gündən bəri yenə də küçələrdə dəstələr gəzir və ya €Ya sahibəzzəmanə deyə qışqırırdılar. Bunun üçün də biz Təbriz küçələrində qopan bu vaveylanın təzə bir macəra olduğuna inanırdıq. Sərdar Rəşid bu macəranı bilməmiş deyildi, bu macəra ingilis və çar iandarması tərəfindən düzəlmiş olsa belə, yenə də sərdar Rəşidin əli ilə düzəlməli idi. Bunu sərdar Rəşid bizə deməyəcəkdi, Mahru xanım da ki, neçə gündən bəri xəstə olduğundan nə bizə gələ bilir, nə də telefonla danışırdı. Hər halda mən telefon vasitəsilə sərdar Rəşidlə danışmaq və görüşmək üçün vədələşmək istədim. Sərdar Rəşid, onu telefona çağırdığımdan çox razı qaldı və hazırda Savucbulağa getmək istədiyi üçün mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Mən təcili surətdə onun yanına getdim, çünki o səhər çayını içən kimi yola düşəcəkdi. Sərdar Rəşid özü çay otağına gəlməmiş məni çay otağına keçirdilər. Orada Mahrudan başqa heç bir kəs yox idi. Mahru mənim əlimi sıxdıqda böyük bir məktubu əlimə basdı, lakin onu oxumaq imkanı yox idi, sərdar Rəşid tezliklə çay otağına gələcəkdi. Məktubu cibimə qoydum, evi bir baş dolanmamışdım ki, sərdar Rəşid gəldi, adəti üzrə məni qucaqlayıb öpdü və: – Mahrunun canına and olsun ki, sizi bu gecə yuxumda görmüşdüm, çox nigaran idim, bu saatda da telefon edəcəkdim, çünki mən yuxumda sizi xəstə halda görmüşdüm, əlhəmdülillah ki, cənab sərkarı salamat görürəm, – dedi. O, gözünü bağlamışdı, mən soruşmadan gözü ağrıdığını söylədi və həmişəki kimi dostluğa və mehribanlığa aid bütün rolları oynayıb bitirdi. Sonra da birlikdə çay süfrəsinə əyləşdik. Sərdar Rəşid Mahruya müraciətlə: – Bacım, həkimlər sənə tapşırdı ki, yerindən qalxma, – dedi. – Bacım, get rahat ol, mən Savucbulaqdan qayıdana kimi yerindən qalxmayacaqsan, xəstəsən, Allah etməsin, üzülərsən, evimiz yıxılar, böyük bir tayfadan bir sən, bir də mən qalırıq. Mahru durub getdi, sərdar Rəşid bununla mənə göstərmək istəyirdi ki, o mənimlə öz gizli söhbətlərini təklikdə danışmaq istəyir. Çay içirdik, sərdar Rəşid söhbətini başlayıb dedi: – Cənab sərkari bu gecə telefonla səsləmək istəyirdim, lakin sonra öz-özümə dedim ki, hər söhbəti telefonla danışmaq yaramaz. Doğrusu, gecələr küçələrdən eşidilən €Ya sahibəzzəmanə səsləri məni rahatsız edir. Cənab konsul da çağırıb mənə tapşırıdı ki, bu cürə hərəkətlərin qabağını almaq lazımdır. Yoxsa yenə içindən bir bədbəxtlik çıxar. Sərdar Rəşid bununla mənim ağzımı aramaq istəyirdi, o bilirdi ki, mən bu məsələ barəsində ondan soruşacağam. Mən onun cavabında: – Bəli, bu səsləri mən də eşidirəm. Həzrət əşrəfin hüzuruna gəlməkdə də məqsədim bu idi. Sərdar Rəşid bu sözdən sonra bir az düşünərək: – Bunlar İntizariyun firqəsindən deyillər. Cənab sərdar özü bilir ki, onlar Seyidüşşühəda ziyarətinə gedibdir. Məncə, bunların kim olduqlarını gərək mollalar və müctəhidlərdən öyrənək. Cənab sərkarın özü də bilir ki, molla tayfası nə cür haramzada tayfadır! Bir balaca ki, toxundun, bazarı bağlatdırıb məscidlərə yığılacaqdır. «Dinə toxundularlb deyə hökuməti daşa basacaqlar. Heç bilmirəm nə çarə edim. Haramzada uşağı gündə bir macəra çıxarır, çar konsulu da tələb edir ki, məmləkəti sakit elə. Sərdar Rəşid bu cür bəhanələrlə məni razı salmağa çalışır, bu sirri mənə vermək istəmirdi. Mən də özümü avamlığa vurub: cHəzrət əşrəf doğru buyururə – deyə ona cavab verirdim, çünki mən Mahrunun mənə verdiyi məktuba ümid bəsləyirdim. O, məktubun bu barədə mənə böyük məlumat verəcəyinə inanırdım. Buna görə də sərdar Rəşidə qarşı etimadsızlığımı gizlədirdim. Nəhayət, mən: – Həzrət əşrəf hər halda, ruhanilərlə əlaqə saxlamalı və məsələni öyrənməlidir, – dedim. Bununla söhbəti bitirmək istəyirdim. Lakin sərdar Rəşid başqa bir söhbətə keçdi, öz səfərinin məqsədindən söz açaraq dedi: – Osmanlılar çəkilib gedibdir, lakin Savucbulaq və Miyandab tərəfləri yenə də hərc-mərclikdir. Camaat hansı hökumətin təbəəsi olduğunu bilmir, elə bilirlər ki, bir neçə gündən sonra yenə də osmanlılar qayıdıb gələcəkdir. Talançılıq, qətl-qarət davam edir. – Təkmi gedirsiniz? – deyə sual verdim. – Xeyr, Savucbulaq konsulu da gedir, özü ilə bərabər qoşun da aparır, Allah cənab konsuldan razı olsun, məmləkətin sakitliyi və xalqın əmin-amanlığı üçün əlindən gəldiyi qədər çalışır, heç bir şeyi əsirgəmir. Məsələ aydın idi, çar qoşunu Savucbulağı işğal etməyə gedirdi, sərdar Rəşid isə öz ağalarının xidmətində gedir və bir İran nümayəndəsi kimi öz məmləkətini təslim etmək üçün məcburiyyət hiss edirdi. Mən durub getmək istədikdə o məni dayandırdı: – Oturun, sizi ən əsas bir məsələdən ötrü bura çağırmışdım, o məsələ Mahrunun məsələsidir. – Mahru xanımın nə kimi bir məsələsi vardır? – O qızın fikri məni tamamilə şaşırmışdır. Siz də özgəsi deyilsiniz, indi biz mühüm sirlərin vasitəsilə qaynayıb bir yerə qarışmışıq. Bəndə istəyirəm ki, sizinlə bir az açıq danışım. – Buyurun, həzrət əşrəf daim bizimlə açıq danışa bilər. – Heç soruşmursunuz ki, neçə gündən bəri Mahru nə üçün xəstələnmişdir? – Madam ki, bu barədə həzrət əşrəf bizə xəbər verməmişdir, biz bunu haradan biləcəyik? – Məsələ belədir. Qız indiyə kimi sizin qardaşınız Ağa Əsəd haqqında mənə heç bir söz deməmişdi. Doğrusu, mən onu həmişə mən edirdim, mən onu öz müsahiblərinə ərə verməyə çalışırdım, lakin mənim onu mən etdiyim zamanlar o heç vaxt mənə söz qaytarmamışdı. Ancaq bir həftə bundan əvvəl mən yenə ona nəsihət etdikdə, o mənim üzümə qabarı»: – Artıq gecdir, iş işdən keçmişdir! – dedi. Doğrusu, mən də özümü ələ ala bilmədim, üstünə əl qaldırdım, gərək bunu etməyəydim, o gündən bəri xəstələnmişdir. Cənab Əbülhəsənbəy, rica edirəm bu barədə bizə köməkliyiniz dəysin. – Mən əlimdən gəldiyi qədər kömək etməyə hazıram, lakin bilmirəm bu barədə mən nə edə bilərəm? – Sizin özünüz mədəni, tərbiyəli və hörmətli bir zatsınız, qardaşınız Ağa Əsəd də nəcib, utancaq və tərbiyəli bir oğlandır. Siz mənim dilimdən ona salam yetirib deyin ki, rica edirəm bizim familiyamızdan əl çəksin, hər kimin üstünə əlini qoyarsa, mən onun üçün düzəldim, bütün məsarifi də məndən, ona atalıq edim, bir məmləkətin valisi olduğum halda, qollarımı çırmayıb onun toyunu edim, lakin Mahrudan əlini çəksin, çünki biz İranın adət və ənənəsinə toxuna bilmərik. Bir də odur ki, rəiyyətin vali bacısına evlənməsi xalqın içərisində də şübhəyə səbəb ola bilər. O şübhə elə bir şübhədir ki, sizin qardaşınız Ağa Əsədin üstündə həmişəlik bir ləkə ola bilər. Mən sərdar Rəşidin Mahrunu evdən çıxarmaq istəmədiyini bilirdim. Onun özü Mahrunu sevirdi, onsuz yaşamağı bacarmırdı. Biz isə bir neçə kərə Mahrunu onun əlindən azad etmək üçün söz vermişdik. Buna baxmayaraq, biz onun müvəqqəti olaraq orada qalmasını qərara almışdıq, çünki sərdar Rəşidi kontrol etmək üçün başqa adamımız yox idi. Yazıq qız bizim işimiz xatirəsinə əxlaqsız sərdar Rəşidin nazını çəkmək məcburiyyətində idi, hər halda, Əsədlə onun evlənmək məsələləri bitmiş kimi idi, onlar daim bir-biri ilə görüşür və sevgilərindən azad bir surətdə istifadə edirdilər. Məni sərdar Rəşidin bir sözü çox düşündürürdü, o mənə deyirdi ki: eRəiyyətin vali bacısına evlənməsi xalqın içərisində şübhəyə səbəb ola bilərə. Buna görə də sərdar Rəşidə sual verdim: – Həzrət əşrəfin buyurduqlarına etiraz etmirəm. Lakin o şübhə məsələsini bir növ anlamadım, bir oğlanın bir qıza evlənməsi xalqın içərisində nə kimi şübhəyə səbəb ola bilər? Sərdar Rəşid: ” İranda belə bir qayda vardır, – dedi, – kübar ailələrdən doğulan bir qızın adi bir rəiyyətə ərə verilməsi ancaq bir bədbəxt hadisənin, bir qeyri-şəri işin, daha açığı, bir rüsvayçılığın nəticəsində mümkündür, çünki kübar ailələrdən bir qız namussuz çıxdığı zaman və yainki qeyri-şəri hamilə olduğu vaxt bu namussuzluğu pərdələmək üçün rəiyyətə ərə verərlər və yaxud ev gədəsinin boynuna bağlayarlar. İndi mən də bundan qorxuram. Qorxuram ki, Mahrunu Ağa Əsədə vermiş olsaq, Təbriz camaatı da bu izdivaca haman mən dediyim rəngi versin. Bu iş həm məni xalq içərisində nüfuzdan salar, həm də qardaşınız Ağa Əsədin üstündə ləkə qalar. Özünüz buyurun, belə deyilmi? Mən yenə də həmişə olduğu kimi ona sadə və yekrəng cavablar verdim, onu sakit etmək istədim. – Həzrət əşrəf özü bilir ki, – dedim, – Mahru məsələsi elə də əhəmiyyətli bir məsələ deyil, onlar evlənsə də, evlənməsə də, bundan bizim ümumi məsələlərimiz zərərdidə olmaz. Bizim gündəlik məsələlərimiz daha da mühümdür. Mən ümid edirəm ki, siz bizə verdiyiniz sözün üstündə möhkəm duracaqsınız, bizimlə o ki, lazımdır əməkdaşlıq edəcəksiniz. Məmləkətin səadəti də həmin bizim getdiyimiz yoldadır. Biz sizi böyük bədbəxtlikdən müdafiə edirik. Sizin bizim əlimizdə olan gizli vəsiqələrinizin hər birisi sizin üçün islahedilməz və qarşısı alına bilməz bir təhlükədir. Lakin biz buna imkan vermədik, siz bizim həyatımıza sui-qəsd etdiniz və bizi Helminin əli ilə məhv etmək istərkən, biz yenə də ölkənin səlamətliyi üçün bu cinayəti həzrət əşrəfə bağışladıq. Siz onu bilməlisiniz ki, sizin əlinizdə bizi bədbəxt etmək üçün heç bir vəsiqə yoxdur, biz Təbrizi Helminin qarətindən qurtardıqsa, bu bizim üçün bir başucalığıdır. Biz erməni xalqını osmanlıların qətl-qarətindən müdafiə etdiksə, yenə də bunu hər bir kəs təqdir edə bilər. Mən bunları dedikdə sərdar Rəşid sözümü yarımçıq qoyub: – Ağa, məgər mən bu xidmətləri təqdir etmirəm? Məgər mən cənab sərkarın haqqımızda olan xeyirxahlığını danıram? – Ona görə də bizə verdiyiniz sözlərdə doğruluq və səmimiyyət olmalıdır. – Sizi əmin edirəm, axıra qədər sizinlə əməkdaşlıq edəcəyəm, təzə hadisələr barəsində öyrənib sizə təfsilən məlumat verəcəyəm. Ancaq elə olmasın ki, mənim mövqeyimə toxunulsun... Vidalaşıb çıxdım. Faytona oturub sərdar Rəşidin qapısından bir az uzaqlaşdıqdan sonra Mahrunun məktubunu açıb oxudum: «Əziz və mehriban qardaşım! Mən hər bir sözü sizə yazmaqdan utanıram, kaş anam bu zalımın atasının əlində məhv olduğu zaman mən özüm də məhv olaydım, bu əxlaqsızın əlində əsir olmayaydım. Əziz qardaşım, hərgah sizin tapşırığınız olmasaydı, mən çoxdan bəri özümü məhv etmişdim, mən işin xatirəsinə bunun nazını çəkir və gecələri saat ikiyə qədər onun piyaləsini doldururam. Bir həftə bundan əvvəl gecə saat birdə yenə məst olmuşdu, mənim Əsədlə olan əlaqəmdən söhbət açdı və mənə təcavüz etmək istədi. Əlimdəki piyaləni onun başına atdım, dəyib gözünü yaraladı, buna görə konsulun gözünə görünməmək üçün Savucbulağa gedir. Əsəbiləşdiyimdən xəstələnmişdim, bir həftədir ki, dışarı çıxa bilməmişəm, lazımi xəbərləri telefonla da danışmaqdan qorxuram. Məsələ belədir. Bir neçə gün bundan qabaq konsul sərdar Rəşidə şiddətli və təhqiredici bir məktub göndərib Təbrizdə işləyən gizlin əllərin aşkara çixarılmasını tələb etmişdir. Konsul məktubunda İntizariyun firqəsini ifşa edənləri, çar və ingilis hökuməti əleyhinə intibahnamə buraxanları və sairləri sərdar Rəşiddən istəyir. Sərdar Rəşid öz mövqeyini müdafiə etmək üçün hər cürə cinayətə imkan verə bilər. Əziz qardaşım, bir az ehtiyatlı olmağınız lazımdır. Bundan da əlavə, Təbrizdə təzə bir xəyanət hazırlanması ehtimalı da vardır. İki gün bundan əvvəl bir kərə gündüz, bir kərə də gecə saat 11-də iki iclas olmuşdur, gündüz islasında iki nəfər, gecə islasında isə doqquz nəfər iştirak etmişdir. İkinci iclasda bir nəfər çar, bir nəfər də ingilis zabiti iştirak eləmişdir. Nə danışdıqları barəsində heç bir söz deyə bilmərəm. Lakin rusca, ingiliscə danışdıqlarını bilirəm: ingiliscə və rusca da tərcümanlar var idi. Rica edirəm, əziz qardaş, məni bu zindandan qurtarmaq üçün tələsin, daha taqətim yoxdur. Bacın Mahruə. Məktub mənim halımı dəyişdi, məktubun bir neçə yerdən qaralanması onun ağlaya-ağlaya yazıldığını göstərirdi. Vicdan əzabı məni incidirdi. Hərgah bizim işlərimiz olmasaydı, bir gecənin içərisində mən onu azad etdirərdim, lakin mümkün deyildi, sərdar Rəşidin işini bitirincəyə qədər Mahru orada qalmalı idi. Mahrunun məktubu bizə qismən bir xəyanətin düzəlməsi işarəsini verdi, lakin bunu lazımınca öyrənməli, ingilis və rus zabitinin sərdar Rəşidlə nə məsələ barəsində müşavirə etdiyini təyin etməli idik. Evə gəldim, hələ Nina və Məşədi Kazım ağa səhər çayını içməmişdi, məni gözləyirdilər. Mən Mahrunun xəstəliyi və başına gələn hadisə haqqında Ninaya söhbət etmək istəmədim, çünki o, Mahrunu çox sevirdi, söz yoxdur ki, bu hadisəni eşitdikdən sonra çay içə bilməyəcəkdi. Lakin bunu bacarmadım, çünki bir çox təsadüflərdə mən ona xəbər vermədikdə o şübhələnir və qorxulu bir hadisə baş verdiyini zənn edərək nigaran qalır, əsəbiləşirdi. Buna görə də: – Yaxşı, – dedim, – çayı içib qurtaraq, sizə qəribə bir söhbət edə- «əyəm, çox maraqlı söhbətdir. Nigarançılıq yoxdur. Çayı içib bitirdik, Nina soruşdu: – De görüm nə xəbər vardır? Mən Mahrunun məktubunu nişan verdim. Nina yenə də ağladı və Mahrunu sərdar Rəşidin əlindən qurtarmağı məndən tələb etdi. Mənsə, «az qalın? deyərək onu sakit etdim. Mirzə Ələkbər xanı telefona çağırdım və onunla görüşmək istədiyimi xəbər verdim. Görüşmək üçün vədələşdik. Həmişəki qayda üzrə axşam saat on birdə Mirzə Ələkbər xanın evinə getdim. O yenə də sevindi və yalançı mehribanlıq göstərib, Təbrizdə vaxt keçirmək üçün ziyalı bir cəmiyyət olmadığından şikayətləndi. Mən də onun sözlərinə istər-istəməz beş-on kərə «bəli, bəli dedim, nəhayət, əsl məqsədə keçdim: – Mən sizin yanınıza gizli bir məsələni aydın etmək üçün gəlmişəm. Bu günlərdə Təbrizdə təzə bir hadisənin baş verəcəyi ehtimalı vardır. O barədə də cənab xan müfəssələn məlumat əldə etməli və bizə xəbər verməlidir. Mirzə Ələkbər xan heç də düşünmədən: – Doğrudur, belə bir ehitmal vardır, – dedi. – İngilis və rus konsulxanaları arasında bu barədə müzakirə gedir. – Nə kimi müzakirə getdiyi məlum deyildirmi? – Müzakirələrin mövzusu məlumdur. Onların bütün məqsədləri Təbrizdə gizli işləyən inqilab komitəsi rəhbərlərini əldə etmək və onların üzvlərini həbs edərək İrandan sürgün etməkdən ibarətdir. – Burası aşkardır. Onlar imkan əldə edərlərsə, bir gün əvvəl bu məqsədi həyata keçirərlər. Bizə lazım olan onların nə kimi tədbirlər görməsini bilməkdən ibarətdir. Onlar inqilab komitəsini nə kimi vasitələrlə ələ gətirmək istəyirlər? – Bu günlərdə bu vəzifəni təşkil etmək üçün Tiflisdən bir nəfər yandarm polkovniki Təbrizə gəlmişdir. Hazırda burada Cənubi İran təriqi ilə gəlmiş iki nəfər də ingilis zabiti vardır. Bunlar konsulxanada bir neçə kərə görüşmüşlər. İki dəfə də sərdar Rəşidlə iclasları olmuşdur. Onların məqsədi Təbrizdə birinci növbədə müntəzəm bir casus təşkilatı düzəltməkdən ibarətdir. – Siz bu barədə nə kimi köməklər verə bilərsiniz? – Mən əlimdən gəldiyi qədər çalışıram. Məgər cənab sərkar bunu hiss etmirmi? – Əlbəttə, hiss edirik, bu kömək hamımızın vəzifəsidir, xüsusən cənab xanın özü evətənpərəstdinə və namuslu bir iranlıdır. Siz bilirsiniz ki... – Ağa, məgər bəndə bunu bilmirəm? Neçə illərdir ki, mən öz vətənimə kömək etmək üçün bir vasitə axtarırdım, əlhəmdülillah indi həmin vasitəni həyata keçirməyə başlamışam. – Bizə birinci olaraq təzə casus təşkilatının planlarını öyrənmək lazımdır. – Bunu öyrənmək çox çətindir. Hərgah bu plan çar konsulxanasında olursa, əldə etmək mümkündür. Lakin ingilislərin əlindən bir şey qoparmaq çox çətindir. – Bu barədə çalışın, eyni zamanda casus təşkilatına yazılan üzvlərin də siyahısını əldə etmək lazımdır. – Mümkün olan qədər! Bu barədə cənab sərkara söz verirəm. – Təşəkkür edirəm! – deyə vidalaşdım, çünki başqa yerdə iclasımız var idi. * * * Rəfizadə 1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər " Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik. Rəfizadənin: Təbrizə qayıtması və konsulxanada casusluğa girmək üçün ərizə verməsindən ibarət idi. Rəfizadə illərdən bəridir ki, bizim qorxumuzdan Təbrizə gələ bilmirdi, indi isə Təbrizdə yaşamaq üçün çar konsuluna arxalanmaq istəyirdi. O, konsulxana yanındakı casus təşkilatına yazdığı ərizəsini Əfəndi Bağıra vermişdi. Əgər biz onun Təbrizdə yaşamasına maneə törədə bilməsəydik, o, amerikalı qızı çar konsulunun əlinə verəcək və bu vasitə ilə də bizim təşkilatımızın bir çox üzvlərini məhv etdirəcəkdi. Mən heç şübhə etmirdim ki, o əvvəlcə məsələni amerikalı qızdan başlayacaqdı. Biz Rəfizadə ilə hesablaşmaq üçün birinci növbədə onun nə etmək istədiyini və haradan işə başlayacağını öyrənməli idik. Gecə saat on bir idi. Telefon zəngi vurdu. Amerika konsulxanası katibi Frikson məni yanına çağırdı. Şübhəsiz ki, bu çağırış Rəfizadənin Təbrizə gəlməsi ilə əlaqədar idi. Tez faytonu qoşdurub Friksonun evinə getdim. Friksonu və onun arvadı Saranı həyəcan içində gördüm. Məni görərkən özlərini ələ almağa çalışdılar. Lakin mümkün deyildi, Saranın ürək döyünməsini köksünün titrəyişindən oxumaq olurdu. Frikson adəti üzə boynunu o tərəf-bu tərəfə dartırdı. Onlar mənim qolumdan tutdular, birlikdə Friksonun kabinəsinə girdik. Oturdum, Friksonun stolunun üstündəki soyumuş çayı Sara xanım götürüb getdi, az sonra iki stəkan çay, mürəbbələr və şirin çörəklər gətirdi. Mən Friksona sual verdim: – Təzə nə xəbər var? Frikson: – Təzə xəbər vardır, lakin şad xəbər deyildir. – Nə kimi xəbərlər vardır? – Rəfizadə gəlibdir. O çoxdan bəri burada görünmürdü. Amerika konsulxanasından hesabını almadan yox olmuşdu. Bu gün konsulxanaya gəldi, haqq-hesabını istədi və miss Hannanı konsulxanada görürkən, mənə yanaşaraq soruşdu: – İnqilabçılar ilə əlaqə saxlayan və alman casusu olan bir qızı konsulxanada saxlamaqda məqsədin nədir? – Siz ona nə cavab verdiniz? 1 Rəfizadə - vaxtilə Amerika konsulxanası mütərcimi idi. O, amerikalı qızı aldadı» Hacı Səməd xanın əmisi oğlu Mahmud xana apardığı və bizim sirlərimizdən xəbərdar olduğu üçün qorxub Təbrizdən qaçmışdı. – Mən bu işlərdən xəbərsiz olduğumu söylədim. – Osizin bu sözünüzdən qane oldumu? – Qane oldu, lakin bununla iş bitmir. O, həmin qızı və eyni zamanda sizi məhv etmək istədiyini söylədi. Hərgah qızın başına bir fəlakət gəlirsə, bizim hamımız məhv ola bilərik. Mən vəziyyətin ağır və çıxılmaz olduğunu bilirdim, lakin bunu Friksona söyləmək olmazdı, onsuz da Frikson çox qorxaq adam idi, buna görə də onları sakit etmək üçün: – Həyəcan və qorxuya lüzum yoxdur, – dedim, – bu hadisədən sizin bugünkü vəziyyətiniz dəyişməyəcəkdir. Sizə söz verirəm, Rəfizadə elə bir düşmən deyildir ki, onun qabağında aciz qalaq. Ancaq siz mənə deyin görüm amerikalı qızın özü bu məsələni bilirmi? Erikson: – Xəbərdar deyiləm, – dedi. – Rəfizadə bir də yanınıza gələrsə, onu konsulxanada işə qəbul edəcəyinizə vədə verin və cürbəcür bəhanələrlə qəbul məsələsini yubandırın. Biz hər gün görüşməliyik. Rəfizadə çar konsulxanasında casusluq vəzifəsinə girmək istəyir. Hərgah siz onu burada xidmətə götürmüş olsanız, onun çar konsulu yanındakı qiyməti daha da artıq olacaqdır. Frikson bir az fikirləşərək: – Rəfizadə bizdən oğurlaya biləcəyi sənədləri rus konsulxanasına sata bilməz, çünki onsuz da çar konsulu bizə aid bütün sənədləri mənim vasitəmlə ala bilir. – Sizə nəzarət etmək üçün çar konsulu Amerika konsulxanasında çalışacaq başqa adamlardan da istifadə etməyi istər. Frikson bir az düşünərək: – Doğrudur, – dedi, – çünki mən sizin tapşırığınıza görə bir çox əhəmiyyətli sənədləri sizə verdikdən sonra rus konsuluna təhrif edilmiş bir surətdə verirəm. – Sizin konsulxana ilə olan əlaqənizin şəkli də dəyişməlidir, çünki vəziyyət dəyişmişdir. Sizin çar konsulxanasından əldə edilən sənədləri bizə verməyinizin əhəmiyyəti qalmamışdır. Siz indi bizə çar konsulxanasının vəliəhd ilə olan əlaqəsi haqqında məlumat çatdırmalısınız. Frikson: – Yaxşı yadıma saldın, - dedi və ayağı qalxıb sandıqdan bir neçə parça kağız götürüb mənə göstərdi. – Bu kağızlar vəliəhdə Tehrandan gələn məktubların və Nizamülmülkün hökumət işlərinə dair mərkəzdən göndərilən vəsiqələrin fotosudur. Bu vəsiqələrin hər gün fotolarını alıb çar konsulxanasına gətirirlər. Onları Friksondan alıb, tanış olmaq üçün cibimə qoydum. Vidalaşıb ayrıldıq, çünki amerikalı qızın evinə gedəcəkdim. Mən son zamanlar amerikalı qızın evinə çox az-az gedirdim, çünki onun bizə verəcəyi xəbərləri Friksondan alırdıq, buna görə də onu xəbərlərinin bizim üçün bir əhəmiyyəti qalmamışdı. Açığını söyləmək lazım gəlir ki, hazırda amerikalı qız bizim boynumuzda ağır bir yük olmuşdu, onu öz işimizin xatirinə müdafiə etməyə məcbur idim, çünki onun ifşa edilməsi bizim ifşa edilməyimiz demək idi. Vaxtı keçirmək olmazdı, vaxt uzandıqca məsələ də dərinləşə bilərdi. Gecə saat on ikini keçəndə amerikalı qızın qapısını vurdum. Xidmətçi qadın gəlib qapını açdı. Məni görürkən doluxsundu, mən özümün gecənin bu vaxtında gəldiyim üçün onu heyrətləndirdiyimi zənn etdim, daha bir söz soruşmadım, pilləkənlərdən yuxarı çıxdım. Miss Hannanın otaqlarının çıraqları yanırdı, onun qəbul otağına girərkən otağın pozğun və dağınıq bir halda olduğunu gördüm, şeylər bir tərəfə yığılmışdı, bəzisi bağlanıb otağın bucağında qoyulmuşdu. Otaqda kimsə yox idi, ancaq mənim dalımca içəri girən xidmətçi qadın idi. Xidmətçi qadın içəri otağa keçib miss Hannaya mənim gəldiyimi xəbər verdi. Mən bu vəziyyəti görürkən yenə də qıza bir hadisə üz verdiyini yəqin etmişdim. Bir azdan sonra qız içəri otaqdan çıxdı, o, səfərə hazırlaşmış idi, məni görürkən körpə uşaq kimi ağladı - sakit olmurdu: mən durub baxır və öz-özümə deyirdim: «Dünyanın ən gözəl bir qızı dünyanın ən ağır bir işgəncəsini çəkir...) Doğrudan da, mən hazırda onun qədər bədbəxt və yazıq bir qız bilmirdim, eyni zamanda onun düşdüyü fəlakətlərin səbəbi olduğum üçün qızın üzünə baxmaqdan utanırdım. Onun həyatını zəhərləyən mən olmuşdum. O bizə xidmət etmək üçün kor-koranə alman konsulxanasının pəncəsinə düşmüşdü. O məni sevdiyi və mənə hörmət bəslədiyi üçün neçə illərdir ki, yaxşı gün görməmişdir. Onun ağlaması artırdı, ürəyinin keçməsindən qorxurdum, qolundan tutub örtüyü götürülmüş taxta divanın üstündə əyləşirdim. Ona mehribanlıq etməyə, saçlarını tumarlamağa başladım: – Sənə nə olubdur? Nə üçün ağlayırsan? Məgər mən Təbrizdə deyiləm? Hərgah sənə bir fəlakəttüz vermiş və səni bir fəlakət təqib edirsə, mənə xəbər verə bilməzdinmi? Sən bilirsən ki, mən barmağina bir tikan batmasına razı deyiləm. Sən onu yəqin etməlisən ki, biz son imkanlara qədər səni müdafiə edəcəyik. Qız yanımdan durub getdi, azdan sonra yenə də qayıdıb gəldi, daha ağlamırdı. – Artıq mən sənin boynunda yük olmaq istəmirəm, sənə az əziyyət verməmişəm. Daha utanıram, hər şey və hər iş üçün də səni narahat etmək yaramaz. Bir də budur ki, sən hər cəhətcə məndən uzaqlaşmağa çalışırsan. Madam ki, sən məni soruşmur və işimdən xəbər tutmaq istəmirsən, nə üçün sənə müraciət edim? Qız bunların hamısını doğru deyirdi. Biz fəlakətinə səbəb oldu- 8umuz qızın aylarla kefini soruşmurduq, çünki onun vəzifəsini başqaları ifa edirdi. Buna baxmayaraq, biz haqlı deyildik. Son günlər qızın bəzi şeylər satdığını da eşitmişdim, çünki onun aldığı maaş böyük bir binanın kirayəsini və xidmətçinin maaşını verməyə çatmazdı. Təbrizdə bahalıq idi. Əvvəlləri ona cürbəcür bəhanələrlə maddi yardım verirdik. Son aylar isə bunu da kəsmişdik. Lakin burası bizim xəsisliyimizdən deyil, vaxtımızın olmamasından idi. Utandığımdan məni tər basmışdı. Qıza nə cür cavab verəcəyimi və nə kimi bəhanələr gətirəcəyimi bilmirdim, doğru danışmaq və təqsirdən boyun qaçırmamaq lazım idi. – Dediklərin doğrudur, – dedim, – mən öz təqsirimi boynuma götürürəm, bir daha onun təkrar edilməməsi üçün sənin sağlığına and içirəm. Mən ona heç vaxt belə and içməmiş və eyni zamanda da özümün təqsirli olduğumu etiraf etməmişdim. Bu and və bu iqrardan amerikalı qız şadlanıb: – Təşəkkür edirəm! – dedi. – Lakin çox gecdir. Mən bir saat sonra Təbrizdən köçüb gedirəm. – Hara gedirsiniz? – Təyin etmədiyim bir tərəfə! – Əcəba, bu qədər təcili köçməyinə səbəb nədir? – Burada yaşaya bilmək ümidlərim kəsildi. – Nə üçün? – Çünki Rəfizadə qayıdıb Təbrizə gəlmişdir. – Məgər onu qaçmağa biz məcbur etməmişdik? Gəlibdirsə, yenə də rədd edərik. Qız bir az düşünərək: – Hərgah bu dəfə onu rədd edə bilsək belə, o bizi məhv edə bilər, onun xəyalı büsbütün başqadır. O mənə məktub göndərmişdir. – Hansı məktub? Miss Hanna redikülünü açıb məktubu çıxardı, məktub ingiliscə Rəfizadənin öz xətti ilə yazılmışdı: «Əziz və hörmətli Missl Mənim neçə illərdən bəri öz işimdən və öz vətənimdən avara düşdüyümün səbəbini siz çox yaxşı bilirsiniz. Şühbəsizdir ki, bu sizin rizanızla olan bir hadisə deyildi, siz heç vaxt o cür mədəniyyətsizliyə yol verməzdiniz. Lakin sizin tanış olduğunuz və ərə getmək istədiyiniz Əbülhəsənbəy Təbrizdə bir çoxlarını bədbəxt etdiyi kimi məni də bədbəxt etmişdir. Hazırda onun sizi buraxdığını və Təbrizdə sülh və səlamət bərpa olduğunu eşidib Təbrizə gəlmişəm. Mən öz düşmənimdən intiqam almaq istəyirəm. Lakin burada siz də bədbəxt olacaqsınız. Mən indiyə qədər sizi nəzərə alıb bu sirləri açmamışam, hərgah siz bu təhlükədən qurtarmaq istəyirsinizsə, Əbülhəsənbəyin xəyanətləri haqqında müfəssəl bir məktub yazıb mənə verin, mən onları lazımi yerinə verəcəyəm. Hərgah mənim təkliflərimi qəbul etsəniz, Amerika konsulxanasında da işləyə biləcəksiniz, əks surətdə sizi ifşa edəcəyəm. Sonrakı bədbəxtliyin məsuliyyəti öz öhdənizdə qalacaqdır. Sabah saat 12-yə qədər məktubuma cavab verməlisiniz. Təbriz, 15 sentyabr, Rəfizadə). Məktubu oxuyub bir vəsiqə olaraq amerikalı qızın icazəsi ilə cibimə qoydum və qıza sual verdim: – Bu məktubun səbəbinəmi Təbrizdən qaçırsan? – Bu məktubun nəticələrini hiss edərək qaçıram. Mən qızın Təbrizdən qaçması üzərində bir qədər də düşündüm, onun buradan getməsi hər halda bizim vəziyyətimizi yüngülləşdirəcəkdi, lakin onun özü könüllü olaraq Təbrizdən qaçmırdı. Onu böyük fəlakətin qorxusu Təbrizdən qaçmağa məcbur edirdi. Əvvəla budur ki, onun qaçması ilə (hərgah müvəffəqiyyətlə qaçıb qurtara bilsə belə) bizim üçün vəziyyət dəyişmirdi, çünki bununla o ancaq özünü fəlakətdən qurtara bilirdi, biz isə yenə də Rəfizadə ilə üz-üzə durmağa məcbur olacaqdıq. İkinci tərəfdən də biz onu bilməli idik, hazırda Təbrizdən heç kəsin qaçıb qurtarması mümkün deyildi, qız tamamilə çar qoşununun və çar landarmının əlində idi. Qızın nicatı yenə də Təbrizdə qalmaqda idi, biz isə Rəfizadədən əvvəl işə başlamalı idik. Mən qızın saçlarını sığallayaraq: – Heç də qorxma, mənim əziz və gözəl dostum, – dedim. – Nicat qaçmaqda yox, burada qalıb mübarizə aparmaqdadırl ” Mənim əlimdən nə gəlir, yazıq bir qızam, kimim vardır? Məni kim müdafiə edə bilər? Amerika konsulxanası da bu hadisəyə qarşı məni müdafiə edə bilməz. Burada qalıb o alçağın qolları arasına düşməliyəm? – Qorxma, – dedim, - o fikirləri başından çıxar. Səni elə bir əl müdafiə edir ki, səndən başqa bir çoxlarını da müdafiə edə bilər. Dur soyun. Dur mənim qəlbimi gəncliyə qaytar. Qalx, qalx, bir daha Livarcan yaylasını mənim nəzərimdə cilvələndir. Dur, Hanna, dur! Qarşımda dolan, dur üzərindən kədərlər silkinib tökülsün. Üzərimdə minlərlə hadisələr, təhlükələr, uyğunsuzluqların ağırlığı durur, qalx, yorğunluğumu unutdurmaq üçün bir az qəlbimə təsəlli ol. Dur, xidmətçi qadına əmr ver ki, evini düzəltsin və samovarı hazırlasın. Amerikalı qız bu sözləri məndən bir ildən çox idi ki, eşitməmişdi. Sevindiyindən titrədi, qalxdı, içəri otağa getdi, o ağlayacaq idi. Azdan sonra xidmətçi qadın gəlib qarşımda durdu, heç bir söz demirdi. -— Çay hazır edə bilərsinizmi? – Bəli, hazır edərəm! – Xanım, qız yemək yemişdirmi? – Xeyr, səhər gedib hər bir şey almışam, lakin hazırlamağa imkan verməmişdir. Ancaq evi yığışdırmaq və şeyləri bağlamaqla məşgul olmuşuq. – Daha getməyəcəksiniz. Yemək hazırlayın və çay düzəldin. Qoca xidmətçiyə bu sözümdən gözləmədiyi bir şadlıq gəldi, başı titrəyə-titrəyə qayıtdı. Mən tək oturmuşdum, bu əxlaqsız Rəfizadənin təzə avantürasına nə cür nəhayət verə biləcəyim haqqında fikirləşirdim. Onun fikri yalniz amerikalı qızı əlinə keçirmək və ondan bir qadın kimi istifadə etmək olsaydı, ona çarə tapardıq: nəsihət verər, qorxudar, nə cür olursa-olsun bu fikrindən vaz keçirərdik. Lakin o öz macərasına yalniz amerikalı qızı deyil, bizi də qurban vermək istəyirdi. Bir çox zəhmətlə ələ aldığımız Amerika konsulxanası katibi Frikson da məhv olacaqdı. Rəfizadə tək-tək inqilabçıların əleyhinə deyil, ümumiyyətlə, Təbrizdə çalışan gizlin təşkilata qarşı sui-qəsd hazırlayırdı. Bütün bu cəhətləri nəzərə alaraq Rəfizadə məsələsini şəxsən həll etmək mümkün olmayacaqdı. Bu məsələni iclasda qoymaq lazım idi. Lakin vaxt az idi, amerikalı qız sabah saat 12-də Rəfizadənin məktubuna cavab verməli idi. Fikirdən, düşüncədən bir nəticə əldə etmədən qabaq miss Hanna içəri otaqdan çıxıb yanıma gəldi, yemək stolunun üstünü döşəməyə başladı. Əynindəki abı ipək donun tarixini onun ətəklərindəki bir neçə ulduz biçimli ləkələrdən oxuyurdum. O ləkələr Livarcan yaylasına məxsus sərin gecələrdə sevgi düşüncələri ilə coşan bir qəlbin, göz bəbəklərindən düşən damcıların ləkəsi idi. Xidmətçi qadın yemək gətirdi, çay hazırladı. Miss Hannanı cürbəcür söhbətlərlə məşğul edib yedirtdim, özüm də onunla bərabər yedim. Gecə saat 3-də qapı vuruldu, xidmətçi qadın faytonçunun gəldiyini xəbər verdi, mən qapıya gedib faytonçunun pulunu verdim və xanımın getmək istəmədiyini xəbər verib razı saldım. Saat 4-də amerikalı qızla vidalaşdığım zaman: – Səhər işə çıxmayacaqsan. Evdə oturarsan. Düz saat 10-da məni gözləyərsən, Rəfizadəyə nə cavab verəcəyimiz haqda danışarıq, – deyib əlini sıxdım. "kkok Axşam saat 10-u keçirdi. Amerikalı qız geyinib oturmuşdu. O, Rəfizadəni gözləyirdi, axşam saat 12-də Rəfizadəyə təslim olmaq üçün söz vermişdi. Qapı vuruldu, miss Hanna bunun Rəfizadə olmasını zənn etmirdi, çünki ona saat 12-in yarısında, küçələrdən camaatın ayağı kəsildiyi zaman gəlməsini tapşırmışdı. Amerikalı qızın qadın xidmətçisi qapıya gedib deşikdən baxdı, qapıda gödəkboylu bir adamın durduğunu görüb səsləndi: – Qapını vuran kimdir? – Açın, madam, özgəsi deyil, kiçik xanımın tanışıdırl – Adınız nədir? – Adım Rəfizadədir. Kiçik xanımın özü mənə gəlməyimi əmr etmişdir. – Çox gözəl, gedib bu saat kiçik xanımdan icazə alım. Qadın getdi, Rəfizadə isə qapı açılana qədər keçən bir neçə dəqiqəni özü üçün bir il qədər uzun hesab edirdi, çünki illərdən bəri həsrətini çəkdiyi bir qızın vüsalına yetişmək üçün tələsirdi. Qadın qapını açıb Rəfizadəni içəri buraxdı. Rəfizadə miss Hanna üçün gətirdiyi şirin və dadlı hədiyyələri xidmətçi qadına tapşıraraq, miss Hannanın otağına girdi və qızı təlaş və həyəcan içində tapdı. O titrəyir, tez-tez dilini çıxarıb qurumuş dodaqlarını isladır və sanki demək istədiyi mühüm bir sözü gizlətməyə çalışırdı. Rəfizadəni heyrət götürdü, çünki miss Hanna onu gülərüzlə qəbul etmiş və axşam ona təslim olacağını vədə vermişdi, buna görə də Rəfizadə vəziyyəti aydınlaşdırmaq üçün ona sual verdi: – Bu gün saat 12-dən sonra bir hadisəmi üz vermişdir? Miss Hanna tutqun bir səslə cavab verdi: – Bəli, bir hadisənin üz verəcəyi ehtimalı vardır. – Nə kimi hadisə? – Burada bizim vaxt keçirməyimizə mane olacaqlar. – Kim mane olacaq? Bu sözdən sonra miss Hama yazı stolunun üstündən bir məktub götürüb Rəfizadəyə verdi. «Əziz və gözəl dostum miss Hannal Bu gün axşam saat 11-də, bəlkə, bir az da tez, sizi görmək, bəzi məsələləri aydınlaşdırmaq üçün gələcəyəm. Əbülhəsənbəyə. Rəfizadə məktubu oxuduqdan sonra sual verdi: – İndi siz nə etmək istəyirsiniz? – Biz bu saat buradan çıxıb, vaxt keçirmək üçün başqa bir yerə getməliyik. – Hara gedək? – Hər yerə ki, sən istəyirsən, getməyə hazıram, ancaq mədəni yer olsun. – Gecdir. Saat 10-u keçir, indi mən haranı tapa bilərəm? Sizi qaraçı evlərinə aparmaq olmaz. Başqa bir yer də yoxdur. Hərgah özümün ayrica evim olsaydı, öz evimə aparardım, lakin yoxdur, özüm də müvəqqəti bacımın evində oluram. Oraya isə sizi aparmaq olmaz. Bacım namaz qılan, oruc tutan, xariciləri murdar bilən ədabazın birisidir. – Mən burada yaşaya bilməyəcəyəm, hər halda sizin ayrıca eviniz olmalıdır. Mən buradan köçüb getməliyəm, siz bunu bilirsiniz ki, onlar burada bizə rahat yaşamaq imkanı verməzlər. – Əvvəla budur ki, mənim evim olacaqdır. Siz məni eşitsəniz, Amerika konsulxanası katibinin qulağını burub, istədiyimi ala bilə- «əyəm. O ki, qaldı onların bizə rahat yaşamaq imkanı verməməsinə, onlar buna imkan tapmayacaqlar, onların hamısını tutub Rusiyaya göndərəcəklər. Konsulxanaya verilmək üçün yazdığım ərizədən birini də Şandarm idarəsinə yazmışam. Sabah aparıb öz əlimlə verə- «əyəm. Əbülhəsənbəyin özünü də, onun sevgilisi və həmfikri olan Ninasını da məhv etdirəcəyəm. Miss Hanna Ninanın adını eşidərək heyrətlə soruşdu: – Onun sevgili Ninası kimdir? – Konsulxanada çalışan bir rus qızıdır. Təbrizi bir-birinə vuran və konsulxananın xəbərlərini gətirib onlara verən haman rus qızıdır. Bu sözlə miss Hamnanın halı dəyişdi, onun qəlbində Əbülhəsənbəyə qarşı bir dönüş yarandı, o öz qəlbində: «Mən ondan ötrü bütün varlığımı atdım, – dedi, – atamdan, anamdan əl çəkdim, onun üçün bir neçə hökuməti satdım, onun üçün illər uzunu gecələr yatmadım, onun üçün gəncliyim dərdlər, qüssələr və göz yaşları içərisində keçdi, onun üçün üzərimə casusluq ləkəsi də düşdü, lakin o məni aldatdı, başqasını sevdiyi və başqası ilə yaşadığı halda məni aldatdı, məni öz məqsədi uğrunda istifadə etdi». Bu düşüncələrdən sonra yenə də öz-özünə: €Yox, mən daha onu sevmirəm, – dedi, – özümə söz verirəm, ondan əl çəkəcəyəm, onun hipnozundan özümü xilas edəcəyəm. Mən onun sevgisindən yeddi ildən bəri bir nəticə ala bilmədimsə, bundan sonramı bir müsbət nəticə alacağam?) Qoy öz Ninasının yanına getsin. O, bir daha mənim yanıma gələn kimi qovacağam! Qoy mənim qəlbimi bəndə salmasın, qoy mənə rahatlıq versin. Hərgah o olmasaydı, mən hazırda əlində əsir olduğum Rəfizadəylə qarşı-qarşıya durmazdım. Namusum və qızlıq mənliyim təhlükə qarşısında olmazdı. Bu nə üçündür? Onu sevdiyim üçün?ə Miss Hama bir an bütün vəziyyəti Rəfizadəyə danışmaq və öz ni- «atını ondan axtarmaq xəyalına düşdü, lakin onun əqli qısqanclığına qələbə çaldı, özünü ələ alıb: €Yox, – dedi, – hərgah o məni bu cürə təhlükələr qarşısında qoymuşsa da, məni ölümlərdən, təhlükələrdən də ancaq o qurtarmışdır. O hər şeyi bacarır, onun iradəsi bir kişi iradəsidirf O, insanı bir mədəni adam kimi sevməyi bacarır. Onun qadına olan ehtiramı hər şeydən ucadır, onun qədər qadın namusuna qiymət verən bir kişini tapmaq olurmu? O istəsəydi, məndən bir qadın kimi də istifadə edə bilərdi. Kim bilir, bəlkə, onun Ninası məndən gözəl və məndən də bacarıqlıdır. Yaxud o bədbəxt qızı da məni aldatdığı kimi aldadırmış? Onunla görüşmək və qəti danışmaq lazımdırə. Miss Hanna düşüncələrdən başını qaldıraraq Rəfizadənin üzünə baxdı və: – Fikrin nədir? – deyə soruşdu. – Yer üçün fikirləşirəm. – Sən mənə inanırsanmı? – İnanıram, missl – İndi ki, inanırsan, mən səni cErmənistanpda yaşayan bir dostumun evinə aparım, tanış da olarsınız. Orada həyat və vaxt keçirmək üçün də hər şey mümkündür. Özü də mədəni adamdır. Daha nə üçün səndən gizlədim, bir neçə kərə onun evinə vaxt keçirmək üçün də getmişik. Sirr saxlayan adamdır, uyğun otaqları və rahat olmaq üçün hər şeyləri vardır. Rəfizadə bu sözdən şadlandı, ancaq bir az fikirləşəndən sonra: – Təəssüf edirəm, miss, – dedi, – bunu vaxtikən bilsəydim, özümlə para götürərdim, yanımda para yoxdur. – O barədə düşünmə. Orada o qədər də para lazım deyildir, məndə vardır. Lazım olduğu qədər götürə bilərik. Lakin bilmirəm, ora getmək üçün fayton tapa biləcəksənmi?1 – Bilmirəm, orası çətindir. Faytonların duran yeri çox uzaqdadır. Rastıma gələrsə tez gətirərəm. Gəlməsə, uzağa getmək lazım gələcəkdir. – Onun gəlməsinə yarım saat vardır. Bu vaxta qədər qayıda bilərsənmi? – Öz taleyimi sınaram! Rəfizadə bunu deyərək çox tələsik getdi. Miss Hanna yenə də qısqanclıq dənizlərinə qərq olaraq düşünməyə başladı. O, Ninaya cürbəcür şəkillər verirdi. Ninanı gah gödəkboylu və uyğunsuz əndamlı bir qadın hesab edir, gah da onu qaba səsli, şişman vücudlu, topal bir qız kimi təsəvvür edirdi. O öz qısqanclığını söndürmək üçün dünyada nə qədər mənfur əlamətlər varsa Ninaya taxır və Əbülhəsənbəyin ona əbəs yerə bağlandığını qeyd edirdi. Miss Hanna da başqa qızlar kimi, özündən gözəl və özündən bacarıqlı bir qız bilmirdi. Buna görə də tələsik qalxıb, güzgünün qabağında durub, öz əndamını gözdən keçirdi. 4Mən heç inana bilmirəm ki, dünyada mənim qədər gözəl bir qız tapılsın. Hərgah o məndən gözə! bir qız tapıb sevmiş olsa, mən onu bağışlayacağam, onu heç vaxt qısqanmayacağam. Nə olar! Kişidir, məndən gözəlini tapıb sevmişdimə. Yenə də miss Hamna bir az düşünərək, Ninaya müəyyən bir şəkil verməyə çalışdı. Nəhayət, o, çar konsulunun qonaqlığında gördüyü sarı, altun saçlı, uca və mütənasib əndamlı sevimli bir çöhrəyə malik olan bir qızı yadına salarkən, bir daha güzgünün qarşısında durdu. Miss Hama konsulxanada gördüyü qızla özünü müqayisə etdi. Nəhayət, onun dodaqlarından özü də hiss etmədiyi halda bir səs eşidildi: «Deyəsən, o qız məndən gözəldirə. Rəfizadə sevinərək içəri girdi: – Qapıdan bir faytonun keçdiyini gördüm, bizi 4Ermənistanpa aparmağa hazırdır. Lakin qayıdanbaş başqa bir fayton tapmalıyıql – Eyb etməz, gecəni qayıtmaya da bilərik. Orada gecələrik. – Elə isə tez ol! Fayton qapıda bizi gözləyir. ck.) Böyük və ikitaylı bir qapını vurdular. Səs verən olmadı, Rəfizadə həyəcanla: – İndi mənim bəxtimdən bunlar da evdə olmayacaqdır, – dedikdə miss Hanna: – Elə iş olmaz. Gecənin bu vaxtında onlar hara gedə bilərlər, – deyərək qapını bir də vurdu. Az keçəndən sonra həyətdə bir nəfərin ayaq səsləri eşidilməyə başladı. – Kimsən? - deyə soruşduqda, miss Hanna: – Bizik, özgəsi deyil, – dedi. Qapını gödəkboylu, yoğun gövdəli, gözlərində çeşmək olan bir adam açdı, əlindəki fənəri Hannanın və Rəfizadənin gözlərinə tutub baxdı və: – Əzizlərim, nə istəyirsiniz? – deyə soruşduqda miss Hanna yavaşdan: – Qonaq gəlmişik, vaxt keçirməyə gəlmişik, – dedi. Ev sahibi onları içəri alıb qapını bağladıqda: – Xoş gəlmişsiniz, yaxşı vaxtda da gəlmişsiniz, bu gecə sizin bəxtinizdən evdə də heç kəs yoxdur, – dedi. Rəfizadə isə cavabında: – Bizim üçün də bu lazımdır. Əks-surətdə mənim xanımım hər bir yerə getməz. – Qorxmayın, ehtiyat etməyin, mənim evim sizin öz evinizdir. Burada sizin xanımınızın başından bir tük əskik olmaz. Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır. Miss Hanna: – Sizdən çox razıyam. Özünüz mədəni adamsınız, bu da hər şeydən – meydən, məzədən də artıqdır, – dedi. Ev sahibi: – Belədir, bizim evimizə hər adamın yolu yoxdur, – deyə qabaqda fənəri tutub gedirdi. Həyətdə səs-səmir yox idi. Geniş bağçanın arasındakı xiyabanla bir neçə dəqiqə getdikdən sonra, bağçanın başında görünən böyük bir binanın alçaq pilləkənindən yuxarı qalxdılar, balkonda da fənər yanmırdı. Bir neçə saniyə sol tərəfə getdikdən sonra ev sahibi təktaylı bir qapını açıb içəri girdi. Bu kiçik lampa ilə işıqlanmış bir dəhliz idi. Dəhlizin görünüşü buranın fəqir və yoxsul ailəyə yox, zəngin bir ailəyə məxsus olduğunu göstərirdi. Ev sahibi dəhlizdən bir qapını açıb içəri girdikdə elektrik işığı ilə işıqlanmış gözəl bir salona daxil oldular. Rəfizadə salonu nəzərdən keçirdikdən sonra: – Doğrudan da, kef çəkməli yerdir! – dedikdə miss Hanna da: – Əgər imkan yaradılarsa, – deyərək güldü. Bu halda Tütünçüoğlu içəri girib miss Hannaya dedi: – Xanım qız, fayton sizi qapıda gözləyir, evə gedəcəksinizsə buyurun!.. Rəfizadə sanki yatmışdı, yuxusundan ayıldı və Tütünçüoğluna sual verdi: – Sən kimsən? – Mən vaxtilə cənab Rəfizadənin bığlarını kəsən oğlanam. Miss Hanna Tütünçüoğluna: – Mən təkmi evə qayıdacağam? - dedikdə Tütünçüoğlu: – Xeyr, sizi faytonla bura gətirən Həsənağadırl – dedikdə miss Hanna Rəfizadəyə dönərək: – Öz bəxtindən şikayət etməlisən, vaxt keçirməyə imkan vermədilər, – deyə salondan çıxdı. Bir az keçmədən mən və dörd nəfər də başqaları salona daxil olduq. Rəfizadə ayaq üstündə donub qalmışdı. Mən ona tərəf dönərək, yer göstərib: – Oturun, – dedim. – Bu gecə inqilab məhkəməsi sizi mühakimə edir. Burada düz danışmalısınızl Rəfizadə soyuqqanlı bir surətdə oturdu. Mənə dönüb: – Məni heç bir kəsin mühakimə etməyə haqqı yoxdur. Bu evin sahibi mənim səlamətliyimə zamindir. Əks-təqdirdə sabah mən onu məhv etdirərəm, – dedikdə ev sahibi güldü: – Bəlkə də, siz məni tanımırsınız. Adımı dəftərinizə yazın, qəbirinizdə inkir-minkir soruşarsa, deyərsiniz ki, məni Arşak Sürenyansın evində cşəhadətəə yetirdilər. Rəfizadənin rəngi ağardı və mənə sual verdi: – Məgər mənim neçə ildən bəri öz işimdən, ev-eşiyimdən avara düşməyim bəs olmadımı? Məni nə təqsirlə mühakimə edirsiniz? – Səni bir inqilab düşməni, bir xəfiyyə, bir casus kimi mühakimə edirik. – Məndə bu dediklərinizin heç birisi yoxdur. – Doğrusunu deyin, heç olmasa ömrünüzün axırında düz söz danışın! – Mənim heç bir şeydən xəbərim yoxdur! Mən əlimi uzadıb, cibimdən bir kağız çıxarıb Rəfizadəyə göstərdim: – Bu ərizəni konsulxanadakı casus təşkilatına vermək üçün sən yazıb Əfəndi Bağıra verməmisənmi? Bu yazı sənin yazın deyildirmi? – Bəli, mənim yazımdır. Mən yazmışam, çünki bunsuz yaşaya bilməyəcəkdim. – İranda yaşamaq üçün çar casusu olmaqmı lazım gəlir? – Mənim işim belə düşübdür. – Buna kim müqəssirdir? Siz amerikalı qızı aldadıb qaraçı evlərinə aparmadan yaşaya bilməzdinizmi? – Məni bu işə Səməd xanın əmisi oğlu Mahmud xan məcbur edirdi. – İndi deyin görüm, iandarm idarəsinə vermək üçün yazdığınız ərizə haradadır? – Mən elə bir ərizə yazmamışam. Mən Tütünçüoğluna müraciətlə: – Əsəd, bunun üstünü axtar! – dedikdə o tələsik əlini qoynuna aparıb: – Axtarmaq lazım deyil, qoyun verim, – deyə qoynundan bir kağız çıxardı. Mən onun tələsməsindən şübhələndim, onun yanında daha başqa vəsiqələr olduğunu zənn etdim, buna görə də Tütünçüoğlunun onu axtarmasını təkrar etdim. Tütünçüoğlu onu axtarmağa başladı. Onun yanında olan kiçik bir brauninq tapançanın üstündə təkcə bir dənə patronu var idi, bundan başqa qoynundakı dəftərin arasından bir çox kağızlar da çıxdı. Onları yoxlamağa başladıq. Birinci olaraq, özü çıxarıb verdiyi kağızı oxuduq, orada mənim və başqalarının gizlin təşkilat üzvləri olması barədə iandarm idarəsinə məlumat verilirdi. İkinci kağız, Rəfizadənin yazdığı məktuba sərdar Rəşidin verdiyi cavabdan ibarətdi. Sərdar Rəşid ona yazdığ məktubunda bizim gizli təşkilatda işlədiyimizi təfsilən yazıb ona bildirmiş və onun Təbrizə gələrək bu barədə çar konsuluna məlumat verməsini tövsiyə etmişdi. Mən ona sual verdim: – Sən nə üçün neçə ilin ərzində bizim barəmizdə konsulxanaya məlumat verməmişdin? – Mən sizin bir tacir olduğunuzu və amerikalı qız üçün məni cəzalandırdığınızı bilirdim. Eyni zamanda sizin nüfuzlu və bacarıqlı adam olduğunuz da mənə məlum idi. Qürbətdə qalmaqdan yorulmuşdum. Təbrizə isə sizin qorxunuzdan gələ bilmirdim. Bu barədə sərdar Rəşidə yazıb, özümün nə səbəbə qaçaq düşdüyümü bildirib kömək istəmişdim. O isə məktubumun cavabında haman bu məktubu yazmışdı. – Sən də buna əməl etmək istəyirdinmi? – Bəli, etmək istəyirdim! – Çox yaxşı, amerikalı qızla nə işin var idi? – Mən onun sizinlə əlaqədə olduğunu və sizin ona kömək verdiyinizi bildiyimdən onu cəzalandırmaq istəyirdim. – Onu buradamı cəzalandıracaqdın? – Xeyr, onunla burada vaxt keçirəcək və ondan sizin nə kimi adam olduğunuza dair vəsiqə alıb konsula verəcəkdim. Məsələ aydın idi. Rəfizadəni azad buraxmaq yaramayacaqdı, səhər saat 9-da keçirilən iclasda da onun edamına qərar verilmişdi. Gecə saat bir olmadan biz Arşakla vidalaşıb çıxdıq. Rəfizadənin cəzalandırılmasını isə Tütünçüoğluna, Quluzadəyə və Arşaka tapşırdıq. * * * Polkovnik Berezovski Təbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi. Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi. Axşamçağı idi. Mühüm bir işimin olmadığını nəzərə alaraq, faytonu qoşdurub erməni məhəlləsinə getmək, Arşak Surenyans ilə görüşmək istədim. Arşak ağıllı, tədbirli, igid bir inqilabçı olduğu kimi, çox da məzəli bir oğlan idi. Hələ Səttar xan Təbrizdə olduğu zamanlarda, həmişə çətin və kədərli günlərdə qulluqçusu Mirzə Məmmədə deyərdi: «Sən olasan mənim canım, Arşakı tapıb bura gətirinə. Müharibə günlərində mücahidlərdən bir çoxu Arşak olduğu səngərlərdə vuruşmaq istərdi. Arşak daim and içirdi ki, əlinə tüfəng alandan bir gülləsinin havayi getdiyini xatırlamır. Arşak farsca, azərbaycanca, rusca, ingilis və fransızca bir ədib kimi danışa bilərdi. O, gənc olduğuna baxmayaraq, yeddi-səkkiz sənət öyrənmişdi. Lakin bu sənətlərin heç birisindən istifadə etməzdi. Onun daimi və əsas peşəsi saxta ingilis banknotu düzəltməkdən ibarət idi. O, üstü xBangi-şahənşahi-İranə yazılı saxta ingilis paralarını öz qiymətinə xərclərdi. Onun kimi rəhmli, insaflı, vicdanlı və səmimi adamlara az-az təsadüf olunurdu. Eyni zamanda o, inqilab düşmənlərinə qarşı olduqca inadlı, rəhmsiz və amansız bir adam idi. Yalnız Rəfizadə və Rzabalanı deyil, Səttar xan zamanında belə edama məhkum olanların əksəriyyətini Arşak şəxsən edam etmişdi. O, subay idi. Birinci kərə gözəl və gənc bir erməni qızıyla evlənmək istəmişdi, qız Xoy şəhəri ermənilərindən idi. Toylarına bir həftə qalmış qardaşının əlindəki tüfəng açılıb qızın köksünü deşmiş və öldürmüşdü. Arşak qızın meyidini qucağına götürüb öpmüş və: eMənim də ailə həyatım səninlə bərabər öldülə – demiş və o zamandan bəri evlənməmişdi. O, bir kərə Culfadan silahları Təbrizə gətirmək üçün Ninayla yalandan evlənmişdi. Son zamanlar onun qazandığı pullar yetimlərə sərf olunurdı. Onun iyirmi nəfər yetim uşağı var idi: doqquzu qız, on biri oğlan idi. Gözəl yetimxana düzəltmişdi. Onları tərbiyə etdirir və öz bildiyi sənətləri onlara öyrədirdi. Mən bir çox zamanlar onun yetimxanasına tamaşa etmək üçün Arşakın evinə gedirdim. Axşam idi, qaranlıq düşürdü, faytona oturub Arşakın evinə gəldim. Arşak yetimxanada idi, xidmətçi qoca qadın məni görən kimi: – Buyurun! Buyurun! - dedi. – Arşak uşaqlarla bərabər şam yeməyinə məşğuldur. Buyurun içəri! Mən soyunub, paltomu və papağımı Arşakın otağında qoyub, yetimxananın yemək otağına girdim, salam verdim. Uşaqların heç biri ayağa qalxmadı, çünki xörək yedikləri zaman ayağa qalxmamaları tapşırılmışdı, lakin onlar €Xoş gəldinizlə – deyə məni qarşıladılar. Arşak süfrənin yuxarı tərəfində oturmuşdu, yetimlər isə ətrafda oturub yemək yeyirdilər. Qızlarla oğlanlar qarışıq oturmuşdular. Mən Arşakın yanında əyləşdim, dərhal mənim üçün də yemək gətirdilər. Mən yetimlərə nə cür xörək verilməsi ilə maraqlandığım üçün xörəkdən yeməyə başladım. Xörəklər kişmişlə bişirilmiş ətsiz plov, baldan və düyü unundan hazırlanmış halva və firnidən ibarət idi. Arşak: – Axşamlar yüngül xörəklər veririk, – dedi. Xörəklər olduqca lətif və ləzzətli idi. Yeməkdən sonra hər birisinə bir stəkan çay gətirdilər, çaydan sonra uşaqlar süfrədən qalxıb sıra ilə düzüldülər və bir səslə: – Sağ ol, mehriban ata! – deyərək öz otaqlarına getdilər. Qızların və oğlanların yataq otaqları ayrı idi. Arşak onların dalınca bir az baxdıqdan sonra şad bir surətdə mənə dönərək: – Doğrusunu söyləyin, nə kimi bir qadın tapa bilərdim ki, mənim üçün iyirmi nəfər övlad doğa bilsin? – dedi. – Bunlar hansı millətin uşaqlarıdır? – deyə soruşduqda Arşak gülərək: – Bütün İranda yalnız bu iyirmi nəfər yetim, millət nə olduğunu bilmir, - dedi. Mən yenə də sual verdim? – Hansı millətdəndirlər? – 7 nəfəri azərbaycanlı – müsəlman, 6 nəfəri erməni, 1 nəfəri yəhudi, 2 nəfəri asori, 1 nəfəri rus, 1 nəfəri də kimliyi bəlli olmayan uşaqdır. Arşak onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. Onlar üçün açdığı emalatxananı da mənə nişan verərək əlavə etdi: – Bunların hamısını sənətkar edəcəyəm... Qızları ərə verib, oğlanları da evləndirəcəyəm. Uşaqlar yatdılar, biz Arşakın otağına keçib söhbətə başladıq. Arşak birinci söhbətində mənim son Culfa səfərimin «qazancları» haqqında danışıb dedi: – Bu gün axşam saat 7-də sizin Culfadan gətirib Temuryanın evində yerləşdirdiyiniz müsafirdən belə bir məktub aldım: “Cənab Arşak, sizdən çox rica edirəm ki, bizə hər kəsdən artıq məhəbbət göstərən Əbülhəsənbəyin ünvanını məlum edəsiniz. Biz, necə siz cənaba, eləcə də ona şəxsən təşəkkür etmək istəyirik. Bundan sonra sizə artıq zəhmət vermək istəməyəcəyik, çünki ərim gəlmişdir. Çox rica edirik ki, bizim bu sifarişimizi Əbülhəsənbəyə yetirəsiniz. Yelena Berezovskaya) Bu məktub məni şübhələndirdi. «Bu qadın Berezovskidən ayrılmışdı, o bunları atıb getmişdi, – dedim. – İndi onun Təbrizə gəlməsi və öz ailəsinə qovuşmağının mənası nədir? Hər halda onun Təbrizə gəlməsi və öz ailəsi ilə birləşməsində mühüm bir sirr gizlənməmiş deyildimə. Fayton getmişdi, o məni aparmaq üçün gecə saat 1-də gəlməli idi. Buna görə də Arşaka tapşırdım: – Hərgah fayton bura gələrsə, dayanıb məni gözləməsini tapşırarsan, mən bu saat Temuryanın evinə gedib Yelenanı görmək istəyirəm. Onun əri Berezovski ilə də tanış olmaq istəyirəm. Qalxıb paltomu geyindim. Gecə olduqca ayaz və şaxtalı idi. Ay Uçan dağları ilə Savalan və Səhənd dağları ətrafında dolaşıb, sirlərlə dolu olan Təbriz gecəsinin qara qəlbinə işıq salmaq və ondan bir şey öyrənməyə çalışırdı. Artıq aydan və ulduzlardan şəfəq alan bu gecədə mən hər tərəfə baxırdımsa, brilyantlara bürünmüş bir kainat görürdüm. Ulduzların şəffaf çöhrəsini buz tutmuş suların güzgüsündə gördükcə, qış gecəsinin bu tamaşasına cəzb olub baxırdım. Qabaqda bir faytonun durduğunu görüb söyüd ağacının dalısına çəkildim. Fayton Berezovskinin ailəsi yaşayan qapıda durmuşdu. Soyuğun şiddətinə baxmayaraq, burada yarım saatdan artıq durdum, nəhayət, Temuryanın qapısı açıldı, iki nəfərin dışarı çıxdığını gördüm. Onların ikisi də faytona yanaşdı. Ay işığı idi, onları lazımi qədər görə bilirdim. Onlardan biri ikincisinin qolundan tutub faytona qaldırdı və faytonda oturan onunla vidalaşdığı zaman: sDo svidaniyeə dedikdə, onun rus olmadığını yəqin etdim. Bu adam erməni və müsəlman da deyildi, onun ingilis olduğunu zənn etdim. Fayton yanımdan keçərkən ona bir daha baxdım, lakin paltosunun yaxasını qaldırdığı üçün üzünü görə bilmədim, mənə elə gəlirdi ki, başındakı şlyapa idi. Fayton keçib getdikdən sonra on beş dəqiqə də düşündüm. Berezovskinin evinə girib-girməmək barəsində düşünürdüm, nəhayət, öz-özümə: «Gizlənmək yaramaz, – dedim, – içəri girmək və tanış olmaq, məqsədə yol aramaq lazımdır). İrəliləyib çaxçaxı vurdum, bir neçə dəqiqədən sonra qapının dalından bir səs gəldi: – Qapını döyən kimdir? Bu, Ksenyanın səsi idi. – Sizin müsafir yoldaşınızdırl – dedikdə o, sevinərək qapını açdı, əllərimi tutub sıxdı və yavaşdan: – Atam gəlmişdir. Anam onunla barışmışdır, mənsə barışmamışam, sonra danışarıq. Sizə məktub göndərəcəkdim, atama inanmayın. Qız məndən əvvəl qayıdıb evə xəbər verdi, mən uzun həyətin xıyabanilə gedib, balkona çıxıncaya qədər ailənin hamısı balkona çıxıb məni qarşıladı. Əvvəlcə Berezovskinin özü əlimi sıxaraq rusca: – Arzusunu çəkdiyim bir şəxsiyyəti görməkdən nə qədər şad oldum, - dedi. Bir qolumdan arvadı Yelena, o biri qolumdan da özü tutub məni apardılar. Birlikdə dəhlizə, oradan da otağa daxil olduq. Mən bir daha Yelena, Ksenya və Silvanın əlini sıxdım və keflərini xəbər aldım. Berezovskinin özü isə şadlığından nə edəcəyini bilmirdi. Doğrudan da, onda özümə qarşı inkaredilməz bir məhəbbət hiss edirdim. Oturduq. Berezovski sözə başladı: – Doğrudur, mənim o qədər elmim yoxdur. Mən zabitliyə bir adi soldat ikən nail olmuşam, lakin mən imperatordan özümə nisbətən bu böyük mərhəməti görürkən zabitlik adını doğrultmağa və bu adı daşımaq səlahiyyətini əldə etməyə çalışmışam. Buna görə də Rusiya imperiyası daxilində yaşayan xalqları lazımi qədər oxuyub öyrənmişəm. Şərqi çox gözəl bilirəm, onların adət və ənənələrini bir şərqli qədər bilirəm. Onların səxavət və mərdanəliyi məni çoxdan bəri özlərinin məddahı etmişdir. Lakin mən Şərqdə birinci olaraq sizin kimi adamlara təsadüf edirəm. Mən Təbrizə gələn gündən ailəm sizin alicənablığınız haqqında mənə danışdı. Onların siz cənabın hesabına yaşadıqlarını, hətta osmanlı kürdlərinin Təbrizə gəldikləri zaman da ailəmin sizin tərəfinizdən müdafiə olunmasını eşidərkən o qədər də təəccüb etmədim, çünki sizə məlum olduğu üzrə mənim ailəm zahiri görünüşündə olduqca gözəldir. Şübhə yoxdur ki, bu cür ailəyə qohum olmaq məqsədi ilə Şərqdə bir çoxları öz sərvətini əsirgəməz. Lakin xanımım və qızım sizi mənə tamamilə nümunəvi bir insan kimi tanıtdılar, özüm də Təbrizə gələn gündən buna inandım. Sizin bu qədər səmimi iltifatınıza qarşı təşəkkür etməklə bərabər, bunu da deməliyəm ki, ailəmə sərf etdiyiniz paraları borc vermiş olsaydınız, onları artıqlığı ilə verməyə qüdrətim var idi, yaxud zəngin bir adam olmasaydınız, sizə əlimdən gələn qədər maddi yardım göstərərdim. Qısaca deməliyəm ki, sizə də, ailəmə öz bacıları kimi pərəstarlıq edən yoldaşınıza da borcluyam. Berezovski sözünü bitirmişdi ki, Ksenya, mən cavab verməzdən əvvəl sözə başlayaraq dedi: – Mən anamı qarşılamaq üçün Culfaya getməyə hazırlaşdığım zaman dünyada özümdən də bəxtsiz bir qız bilmirdim, lakin cənab Əbülhəsənbəylə birinci kərə söhbət etdiyim zaman onun şirin söhbətləri bütün bədbəxtliklərimi unutdurdu. Berezovski qızına cavab olaraq: – Hərgah cənab indiyə qədər kişisiz evə gəlməkdə özünə qarşı şübhə qazandırmaqdan çəkinmişsə də, bundan sonra bizim qapımız onun üzünə açıqdır. Daim söhbət edin, gəzməyə və əyləncələrə birlikdə gedin. Qoy sənin xoşbəxtliyin özünə qayıdana qədər, ağanın müsahibəti sənin bəxbəxtliklərini unutdursun, – dedi. Berezovskinin arvadı da danışdı, Silva da evlərinə tez-tez gəlməyimi arzu etdi, sonra danışmaq növbəti mənə yetişdikdə o, əllərini dizi üstünə qoyub gözlərini ağzıma dikdi. – İnsanların təbiəti müxtəlifdir, – dedim. – Onlardan bir çoxu sərvəti sevir, gözəlliyə səcdə edir, ad və şöhrəti sevir, bəziləri də çətinlik qarşısında qalan bir qəlbi sevindirməklə şadlanır. Mən də daima vicdanımın tələblərinə cavab vermək üçün çətinlik qarşısında qalanları axtarıram, onları çətinlikdən qurtarmağa çalışıram, elələrini şad gördüyüm zaman nəşələnirəm, vicdani zövq alıram. Xüsusən qadınları öz vicdanı əleyhinə bir hərəkətə məcbur edən iqtisadi ehtiyaclarla mübarizə etməyi sevirəm. Bunun üçün heç bir kəsdən mərhəmət gözləmirəm. Yeganə bir ehtiyac və arzum varsa, o da tutduğum bu yolu davam etdirmək üçün imkan əldə etməkdən ibarətdir. Berezovski: – Sizi anlayıram! Mənim də arzum sizə layiqli bir yaxşılıq etməkdən ibarətdir, – dedi. Gecəni keçirdik, vidalaşıb çıxdığım zaman evlərinə tez-tez gedib-gəlməyimi təkrar olaraq xahiş etdilər. Yenə də Ksenya məni qapıya qədər yola saldı və qapıda yavaşdan: – Sabah saat 12-də, Şəmsülimarə qapısında məni gözləyin, – dedi. Mən çıxıb Arşakın evinə gəldim, çünki fayton məni orada gözləyəcəkdi. Berezovskinin evindən naməlum adamın çıxdığını və sairələri Arşaka söhbət etdikdən sonra Berezovskinin evinin nəzarət altına alınmasını tapşırdım. * * * Şeyx Əbdüləzəl Müəyyəd Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar. 15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi. Azərbaycanda din və mövhumat əsasında düzələn macəraların bir neçə kərə müvəffəqiyyətsizliyə uğradığına baxmayaraq, rus və ingilis konsulxanaları yenə də bu silahı yerə qoymaq istəmirdilər. İngilislər Afrikada və sair islam ölkələrində işlətmiş olduğu «Mehdinin zühuruə silahını bu dəfə təbrizlilərin başında sınamağa qəsd etmişdilər. Təbrizdə imamın zühur etməsi xəbərləri tədrici yox, birdən-birə şəhərə yayıldı. Mövhumatçıların ağzından eşidilən xəbərlərdə imamın Samiriyyədə göründüyü və indi bu saat Təbrizdə zühur edəcəyi söylənirdi. Camaat bütün vaxtını Sahibüləmr məscidinin həyətində və dəhlizlərində keçirirdi. «İmamla murdar halda görüşmək günahdırlb deyən camaatın əsas işi dəstəmaz almaq və hamamlarda qüsl etməkdən ibarət olmuşdu. Məscid həyətlərində, məqbərələrdə və sairələrdəki camaata qaraçı qızları və sairələr də qoşulmuşdu. Şəhər əhalisi əlini işdən çəkmişdi, bütün camaat dəstə-dəstə Talibiyyə mədrəsəsi həyətinə və Qırxsütunlu məscidə tələsirdi. Əvvəlcə gecələri küçələrdə dəstələr düzəldib: €Ya Sahibəzzəman, bəzühurət şitab günlə deyə qışqıran avamlar, indi gündüzləri də küçələrdə sinəsinə vura-vura dolaşırdı. Məsciddə iynə atmağa yer yox idi. Heç kəs bura nə üçün yığıldığını bilmirdi: İmam buradamı zühur edəcəkdir, yaxud burada imam zühur etdiyinə dair xəbərmi veriləcəkdir?ə Ancaq hər nə olursa-olsun məsciddəkil €Ya Sahibəzzəmanlə səsləri davam edirdi. Məscid bu səslərlə titrədiyi zaman, minbərin yanından heç kəsin tanımadığı bir adam ayağa qalxdı və üzünü məsciddəki camaata tutub farsca danışmağa başladı: – Təbriz camaatı! Mən Samiriyyə şəhərindən sizə ümdətilmüctəhideyi Şeyx Əbdüləzəl Müəyyədin salamını gətirmişəm!.. – Məscid bir daha titrədi, salavat gurultusu qalxdı, naməlum adam yarım saata qədər durub baxdı, nəhayət, qismən sakitlik oldu, naməlum adam sözünə davam etdi: – Şeyx Əbdüləzəl Müəyyəd Əhsa şəhərindəndir. Müctəhid cənabları Şeyx Əhməd Bəhreynin nəvəsidir!. Cənab şeyx İmam Əliyyənnəği və İmam Həsən Əsğəri Əleyhüssəlamların türbəsində 30 ildən bu yana mösəkifdir. Cənab şeyx cümə günü sübh namazına təşrif buyurduqları zaman həzrətin rozeyimütəhhərəsinin güldəstəsindən ləmeyi-nur təlalö edib və bədəzon hamin nur Şeyx Əbdüləzəl Müəyyəd cənablarının yanında yerə nüzul etmişdir. Şeyx həzrətləri bu hadisədən sərasimə olub gözlərini yumubdur və bədəzon şeyx gözlərini açıb heç bir şey görə bilməmişdir. Şeyx heyran qalmış, nəhayət, uzaqdan bir səs eşitmişdir. Şeyxin buyurduğuna görə, həmin səs bundan ibarət imiş: – €Ya Şeyxlə Bu saatdan etibarən sənə cMüəyyənə ləqəbi verdim, mənim köməyim hər zaman sənin üstündə olacaqdır. Mənim şiələrimin gözlədikləri imam mənəm - Mehdi Sahibəzzəman. Mənəm, yer üzünün sahibi! Mənəm, Cəfəri-Sadiq məzhəbinin hamisi, mənəm, dəryalarca günahları bağışlatdıran. Get mənim şiələrimə xəbər ver, qoy onlar beş günlük dünyanın murdar cifəsindən əl çəksinlər! Xəbər ver ki, onlar çıxarsınlar öz başlarından fasid xəyalatı. Qoy onlar doldursunlar öz başlarını İmami-zamanın zühur xəbərləri iləl Qoy mənim şiələrim öz nicatverici imamları ilə görüşə hazırlaşsınlarl Bir neçə gündən sonra Allahın əmri ilə bu dünyanın şəklini dəyişəcəyəm. Açacağam şiələrin üzünə Cabulğa və Cabulsa şəhərlərinin nurani qapılarını. Şiələr məni yaxın günlərdə ziyarət edəcəklər. Get küfr tutan Təbriz camaatına xəbər ver ki, tezliklə öz məscidimdə nəmazi-camaatı ədə buyuracağam. Dünya fikrində olanlar, siyasət dalınca gedənlər, dinini, şəriətini tərk edib üləma hüzurundan uzaqlaşanlar, mənim əlimi öpməkdən məhrum olacaqlar. Az qaldı mələk və müqəddəslər dünyasının başlanmasınalb. Naməlum adam bu sözləri deyib bitirdikdən sonra məsciddə geniş və dərin bir həyəcan başlandı. Xalqdan cürbəcür səslər eşidilirdi. Ağlayan, başına vuran, bihuş yıxılan, həyəcanından o tərəf-bu tərəfə qaçanların həddi-hesabı yox idi. Lakin tacirlər, dövlətli mülkədarlar çox sakit bir surətdə durub bu hadisəyə tamaşa edirdilər. Hər bir halda, onlar bu hadisəyə inanmayan bir nəzərlə baxır və bəzən bir-biri ilə pıçıldaşırdılar, çünki onlar belə hadisələri birinci kərə yox, ömürlərində bir neçə kərə görmüşdülər. Onlar yenə də belə macəranın siyasi bir məqsədlə atıldığını yəqin edərək nəticəni gözləyirdilər. Lakin aşağı təbəqə naməlum adamı ortaya alıb, ona cürbəcür suallar verirdi: İ Şiələrin fikrincə, Cabulğa və Cabulsa adlı iki müqəddəs şəhər vardır ki, onlar gözə görünmür. Guya İmam Mehdinin zühurundan sonra bu şəhərlərin qapıları xalqın üzünə açılacaqdır. Bu şəhərlərdə alış-veriş olmayacaq, hər şey salavata veriləcəkdir. – Buyurun görək, siz şeyx həzrətlərinin mübarək üzünü görübsünüzmü? – Bəs, şeyx cənabları nə zaman biz günahkar bəndələrin gözünə görünəcəkdir? – Biz bəs nə zaman imami-zamanı görən gözlərə baxa biləcəyik? Bu cür sualların həddi-hesabı yox idi. Lakin naməlum adam da öz növbəsində xalqın cavabını verib deyirdi: – Şeyx həzrətləri buyurdu ki: €Tezliklə Qaiməl-Məhəmməd zühur edəcəkdir, o zaman mən də gəlib Təbriz camaatına nicat müfdəsini verəcəyəmə. Şeyxin gecə-gündüz təam yeməyə macalı yoxdur. Dünyanın hər tərəfindən tökülüb şeyxin ziyarətinə gələnlər vardır. Əlli dörd padşahın nümayəndəsi Samiriyyə şəhərinə gəlibdir, İrandan, Turandan, Hindistandan, Ərəbistandan, Zəngübardan, Sudandan, Misirdən, Həbəşistandan nümayəndələr gəlibdir. Yetmiş iki millət şeyx həzrətlərinin hüzuruna öz nümayəndələrini göndərib nicat tapmaq üçün islama müşərrəf olmaq istəyirlər. Lakin şeyx həzrətləri imami-zamanın ikinci əmrini gözləyir. Yaxın günlərdə bütün yer üzü imami-zamanın bayrağı altında cəm olacaq, cLailahəilləl- 1ahpə səsi bütün ərzdən eşidiləcəkdir. Təbrizdə bir aşura izdihamını görmək mümkün idi. Küçələrdə dəstələr gəzir, yenə də mərsiyə şairlərinin təzə əsərlərini eşitimək olurdu. Onlar Şeyx Əbdüləzələ şeir və qəsidələr ithaf eləmişdilər. – Mən gündüz saat 12-də evdən çıxıb, Berezovskinin qızı Ksenyanın tapşırığına görə cəbbəxana və yaxud Şəmsülimara binasının qapısına getməli idim. Mən küçələrdə dəstələri yarıb getmək məcburiyyətində idim. Dərvişin təzə qəsidəsi məni çox maraqlandırdı, az bir zaman içərisində Şeyx Əbdüləzələ həsr olunmuş bu qəsidəni dərviş çox böyük bir maraqla əzbərləmişdi. Hatifi-qeyb nəvisəd səd qəzəl, Naciyü islam şüd Şeyxül-Əzəl!. Dərvişdən bir az dalda gələn dəstənin qabağında da: «İmdada gəl bizə, ya Sahibəzzəmanl Rəhm eylə Təbrizə, ya Sahibəzzəmanlb? – deyə sinəzən oxuyanlar gedirdi. Dəstələrin birisində bizim Məşədi Kazım ağını da gördüm. O məni görürkən boynunu çiyninə tərəf İ Qeybin dili yüzlərcə qəzəl yazıb deyir ki, Şeyxül-Əzəl islamın nicat verənidir. əyib, «əlacım nədir?ə işarəsini verib keçdi. Çox təəccüblü işlərdən birisi də, çoxlu bayraqların birdən-birə aralığa çıxması idi. «İmamizaman? yazılı minlərlə bayraq aralığa tökülüb satılırdı. Bunların ingilis və rus konsulxanalarının təşəbbüsü ilə düzəldiyi şübhəsiz idi. Lakin onlar bu hərəkəti olduqca mütəşəkkil aparmaqda səhv etmişdilər, çünki hərəkətə səthi bir nəzər salanda belə, bunun başıpozuq xalq tərəfindən yox, mütəşəkkil və müntəzəm əllər tərəfindən düzəldiyi məlum olurdu. Şübhəsiz ki, bu təşəbbüslər vaxtilə hazırlanmışdı. Dərvişi və dilənçilərin sözlərində və dualarında da bu günün mövzusunu eşitmək mümkün idi. Qapıların və dükanların başına da €Ya Sahibəzzəmanlə yazılı bayraqlar vurulmuşdu. Təbrizdə camaat Sahibüləmr məscidinə gedirdi. Məsciddə iynə atmağa yer yox idi. Sahibüləmr meydanına minlərlə adam yığılmışdı. Hər küçə öz sinəzən və mərsiyə dəstəsi ilə meydançaya gəlmişdi, buna görə də mərsiyə və sinəzən səsləri hər tərəfdən eşidilirdi. Növhəxanların və mərsiyəxanların bazarı qızışmışdı. Uşaqların gətirdiyi xəbərlərə görə, çar və ingilis konsulxanalarının qabağında da €Ya Sahibəzzəmanlb yazılı bayraqlar asılaraq, yanında silahlı qarovul qoyulmuşdu. Sahibüləmr məscidinə yığılanlar Samiriyyə şəhərinə teleqram göndərməyi, Şeyxül Əzəl Müəyyədin Təbrizə gəlməsini xahiş etməyi qərara almışdılar. Dəstələr bu kimi qərarları çıxardıqdan sonra məsciddən çıxıb küçələri gəzməyə başlamışdılar. Onlar ingilis və rus konsulxanalarının qabağına gəldikdə konsullar küçəyə çıxıb, camaatı imamın zühuru münasibəti ilə təbrik eləmişlərdi. * * * Arşak Surenyans Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu. Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu. Mən onun yanına gəldikdə o, nazik əllərini əlcəkdən çıxarıb əlimi sıxdı. Mən onun danışmağına imkan verməyərək üzr istədim. – Xanımın özü vəziyyəti gördü, indi elə bir zaman deyil ki, insan asılı olmamağı bacarsın, küçələrdəki izdihamı görürsünüz. Dəstələri yarıb keçmək mümkün deyil. Yubanmışam, sizə əziyyət vermişəm, gərək məni bağışlayasınız. Ksenya donmuş və titrək dodaqlarını açaraq: – Siz nə söyləyirsiniz? – dedi. – Mən əminəm ki, sizdə insanı acıqlandırmaq və insanın narazılığına səbəb olmaq üçün heç bir xüsusiyyət yoxdur. Siz xalqın məhəbbətini qazanmaq, xüsusən qızların ruhuna uyğun söhbətlər etmək və sizinlə danışanların kədərlərini unutdurmaq üçün yaranmışsınız. Sizi sevməyən, sizə hörmət bəsləməyən ürəklər insan köksündə olsa da, insan ürəyi deyildir. Lakin mən bugünkü görüşdə sizə əziyyət verməyə və bu soyuq havada sizi saxlamağa məcburam, gərək bunun üçün siz məni bağışlayasınız. Qız bunları deyərək yalvarıcı bir surətdə gözlərimə baxırdı, mən elə zənn edirdim ki, qız yenə də öz şəxsi işi üçün gəlmişdir. Bu fikirlə də: – Hər cür xidmətiniz olursa hazıram! – dedim. – Nə qədər soyuq olursa-olsun sizinlə bərabər olmaq mənə hər şeyi unutdurur. Mən danışdıqca qız da xəfif surətdə gülürdü. Yəqin ki, o da mənim onu lazımi qədər anlamadığımı hiss edərək gülməyə başlamışdı. Lakin küçədə gəzişib azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu. Qız yenə də gülümsünərək: – Mənim haram var ki, orada görüş təyin edə bilim? – dedi. – Elə bir yeri mən özüm təyin etmiş olursam siz etiraz etməzsiniz ki? – Siz öz nöqsanınızı məndəmi görmək istəyirsiniz? Mən Culfada sizinlə birlikdə vaxtımı keçirmək istərkən siz ondan boyun qaçırmadınızmı? Mən sizin təmiz vicdanınıza inanıram. Ona da əminəm ki, siz mənim bu inamımı doğruldacaq qədər namuslu və möhtərəm bir adamsınız. İndi buyurun!.. – Mən də sizin bu inamınızı doğrultmağa söz verirəm. Siz ona inanın ki, mənimlə tanış olanlar və məndən ayrılanların hamısı unudulmaz bir xatirə ilə ayrılmış və mənə qarşı unudulmaz bir məhəbbətlə yaşamışdır. Hərgah xanım qız icazə verərsə, biz daim Arşak Surenyans cənablarının evində görüşərik. Qız təəccüblə soruşdu: – Hansı Arşak? Bizə pərəstar olan Arşakmı? – Bəli, həmin Arşakdır. Mən onun namuslu bir zat olduğuna inanıram, zəngin və sevimli bir təbiətə malikdir. – Heç də etirazım yoxdur. – Elə isə bir az dayanın, mən fayton çağırım, soyuğun qabağında durmağın mənası yoxdur. Mən qızdan bir az aralanıb cəbbəxana ağzına gəldim, orada faytonlardan birisini gətirib qızı əyləşdirdim. O, əlcəklərini çıxardı və nazik əllərini mənim əlimə verərək: – Bax bu əllərim nə qədər üşümüşdür? - dedi, – lakin sizin intizarınızda olduğum zaman bunların heç birisini xatırlamırdım, çünki insan isti və soyuğu düşüncəsi və ürəyi ilə hiss edir, lakin mənim düşüncəm də, ürəyim də sizin yanınızda idi. Buna görə də özümü hiss etmirdim. İndi isə siz gəldiniz, mənim də varlığım özümə qayıtdığı üçün üşüdüyümü hiss edirəm. Mən bir söz danışmırdım, çünki qızın nə kimi bir məsələdən ötrü məni çağırdığını bilmirdim, çünki mənim onun sözlərinə verəcəyim cavab özünün mənə demək istədiyi sözlərinə də mane ola bilərdi. Soyuqdan qorunmaq üçün o mənim böyrümə qısılmışdı. Onun bütün baxışı və hərəkəti məndən mehribanlıq tələb edirdi. Lakin onun bu tələbinə cavab vermək olmazdı, çünki bu cavab bizim gözəl qızla gələcəkdəki uzun-uzadı sevgi macəramızın zəminəsi ola bilərdi. Buna görə də mən söhbətin mövzusunu dəyişib ondan soruşdum: – İndi xanım qız buyursun görək öz sevgilisi və gələcəkdə ailə düzəltmək istədiyi ərlə olan ixtilafı həll olundumu? – Siz qadın heysiyyətini təhqir etməyidəmi bacarırsınız? Bir də mən onunla uyuşa bilərəmmi? O məni təhqir etməmişdirmi? – Sevginin xüsusiyyətlərindən birisi də odur ki, insana təhqirləri unutdurur, insanı hər bir acılıqla barışmağa öyrədir. Bu sözlərim qızın qəlbinin tellərinə toxundu, üzümə tərs-tərs baxaraq: – Fəlsəfəni təhrif etməyin! – dedi. – Sevgi təhqirləri insana unutdurmur. Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir, çünki təhqiri insana hiss etdirən bir şey varsa, o da şərəfdir. Mən o qədər də şərəfsiz deyiləm ki, məhəbbətimi əxlaqsız bir qadına verən adamla barışa biləm. – Ən səmimi sevgililər belə səhv edə bilər. Səhvlər nəticəsində ayrılmaq lazım gəlirsə, o zaman dünyada bir-birindən küsüb ayrılmayan insan tapa bilməzsiniz. Ailə həyatı məncə, birdən-birə səmimi olaraq qurulmur, ailə quran iki adamın, yəni kişi və qadının qəlbləri bir-birinə uyğunlaşdıqdan, hərgah təbiri caizsə, iki qəlb bir-birinə aşılandıqdan sonra ailə həyatı doğru və həqiqi yolunu tapmış olur. İndi xanım qız mənə söyləsin görüm, o mənim bayaqdan bəri saydığım mərhələləri keçmişdirmi? Qız gülərək başını çiynimə qoydu və dərin bir ah çəkərək: – Sizin saydığınız bu mərhələləri keçmək üçün bütün gənclik zamanlarını çəkişmələrdə sərf etmək lazım gəlmirmi? – dedikdə mən soruşdum: – Bəs sizin fikriniz nədir? Siz ailə quruluşunu yeni bir bina hesab edərək birdən-birə içinə keçməkmi istəyirsiniz? «Ailə qurmaq? sözü nə deməkdir? Ailə mahir bir sənətkar tərəfindən düzəldilmiş sandıq deyil ki, alıb istifadə etmək olsun. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. Onlar elə adamlardır ki, xasiyyətcə, şəkilcə, zövq və maraq cəhətincə də bir-birlərinə oxşamırlar. Onların uyuşması üçün, onlarin ümumi bir ailə dili tapması üçün istinad edə biləcəyi yeganə bir vasitə varsa, o da sevgiləridir. Bunun üçün onlar nə cür hərəkət edirlərsə etsinlər, lakin həmin sevginin ləkələnməməsinə çalışmalı, bu istinadgahın laxlamasına imkan verməməlidirlər. Yenə də mən əsas məqsədimə qayıdaraq xanım qıza demək istəyirəm ki, ailə həyatı kiçik səhvlərlə pozulmamalıdır. Gənclikdə səhv olacaqdır. Gənclik şüurlu, həm də dəlidir. Onu təşkil etmək üçün kiçik səhvləri böyük bir maneə kimi qəbul etməməlidir. Gənclik özü ilə bərabər beşikdən və uşaqlıqdan gəncliyə gətirdiyi irsləri özündən təmizləyənə qədər bir çox səhv buraxmağa məcburdur. Mənim özüm də o səhvlərdən buraxmışam, mən də uşaqlıqdan gətirdiyim miraslarla özümdən bir çoxlarını incitmişəm, bir çox işlərdə uşaqlığa layiq hərəkətlər etmişəm. Sizin ailə qurmaq istədiyiniz gənc zabit də belədir, o da özü ilə bərabər uşaqlıq dünyasından gətirdiyi bir mirasın nəticəsi olaraq səhv buraxmışdır. Qız qalxıb özünü düzəltdi və əlini əlimdən çəkərək: – Belədir, belədir! – dedi. Mənim böyük və nəcib dostum, belədir! Ailə həyatı çəkişmələr, ixtilaflar, acılar içərisindən süzülüb çıxır, buna şübhəm yoxdur. Lakin bu qədər çəkişmələr nəticəsində doğru və həqiqi bir ailə quranlar öz zəhmətinin məhsulundan istifadə elə bilmir, artıq onlar bu ağır təşkilatı qurmaq işində yorulur və acizləşir, bəs o zəhmətlər nə üçün idi? – Siz sevginin səbəbini deyə bilsəniz, mən sizin bütün suallarıniza cavab verə bilərəm. Qız danışmadı, düşünməyə başladı. Mən onun sükutunu pozaraq dedim: – Sevgi, üçüncü bir adamın dünyaya atılması üçün şirin və ləzzətli bir başlanğıcdır. Ailə həyatındakı zəhmətlər, üçüncü adamı dünyaya gətirmək və onu təşkil etmək, təbiətin tələblərinə cavab vermək gələcəkdə daha bir ailənin yaradılmasından ötrü zəminə hazırlamaq üçündür, çünki insan həm özü üçün, həm də gələcək cəmiyyət üçün yaşamağa məcburdur. Arşak Surneyansın qapısında faytondan düşüb içəri girdik. * * * Arşak yetimləri ilə bərabər həyətdə hava almaq üçün gəzirdi. Ksenya, həyətdə bir libasda, bir qiyafədə gəzən qız və oğlan uşaqlarını gördüyü zaman heyrət etməyə bilməzdi, o bu heyrətlə də mənə sual verdi: – Biz hara gəlmişik? – Biz cənab Arşak Surenyansın evindəyik, uşaqlar isə onun övladlığa qəbul etdiyi yetimlərdir. Bunu dedikdən sonra qız bunlarla daha artıq maraqlandı. Uşaqlar onun ətrafına yığışıb danışdılar, nəhayət, uşaqlar öz sənət otaqlarına, biz isə Arşakın otağına keçdik. Arşak əlindən gəldiyi qədər təzə qonağı məhəbbətlə qəbul etdi, onun qoca xidmətçiləri, pərvanə şamın başına dolanan kimi Ksenyanın başına dolanırdılar. Qızın qarşısındakı stolun üstü ağlagəlməz naz-nemətlərlə doldurulmuşdu. Rus dilbəri özünə göstərilən bu təntənə nəticəsində mənə demək istədiyi sözləri sanki unutmuşdu. O, Arşakın həm özü, həm də evindəki şeylər və zənginliklərlə maraqlanırdı. O, yemək və içməyə əhəmiyyət verməyərək yalnız evlərə və evlərin divarlarındakılara, tağlara, taxçalara baxır və bizə cürbəcür suallar verirdi. Nəhayət, o, bir Anadolu kəndlisi şəklinin qarşısında durub uzun dəqiqələr tamaşa elədi, şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. Sanki qız qoca şəklinin saqqalındakı ağ tüklərdə qara bir zamanın tarixini oxuyaraq, heyrət dənizlərinə qərq olmuşdu. Şəkildəki qocanın alnındakı qırışıqların görünüşü qız üçün bir xəritə görünən dağ silsiləsinin görünüşündən daha heyrətli idi. Kişinin şəkli ilə yanyana bir də qoca qadın şəkli var idi. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi tanıdırdı. Şübhəsiz ki, rus qızını bu şəklin sahiblərinin qiyafələri daha artıq maraqlandırırdı. Qız nəzərini şəkillərdən çəkərək Arşaka müraciətlə dedi: – Bu qiyafədə adamları birinci kərə görürəm. Bunlar kimdir? Hansı bir məmləkətin əhalisi bu cür geyinir? Nədənsə qızın bu sualından sonra Arşakın vəziyyəti birdən-birə dəyişdi. Qayıdıb stolun ətrafında oturdu, kədərli adamlar kimi qutudan bir papiros götürüb yandırdı, dərin bir nəfəs vuraraq dedi: – Dünya belədir. O şəkillər mənim talesiz həyatımın qəmli bir tablosudur. O şəkillərdə mənim uşaqlıq və gəncliyimin bədbəxt və qara tarixi gözlənmişdir. Qız etiraz edərək: – Bu qədər naz-nemət, bu qədər zənginliklər içində yaşadığınız halda yenədəmi özünüzü xoşbəxt hesab etmirsiniz? – deyə soruşdu. – Dünya belədir, xanım 1 Daima zəhərlər şirinlərin dalında gizlənirl Daima insanları məhv edən bədbəxtlik bəzən insanlara xoşbəxtliyin pərdəsində yanaşmış olur. Bu gün sizin naz-nemət içində gördüyünüz Arşak hazırkı dünyanın ən bədbəxt bir adamıdır. Mənim dünyada heç bir zaman üzüm gülməmişdir, bəzən gülsəm belə, o da uğursuz həyatıma istehza gülüşlərindən ibarətdir. Arşakın bu sözləri məni titrətdi. Mən onu Təbrizə gəldiyim gündən tanıyırdım, lakin onu özü dediyi kimi bədbəxt bir adam yox, təbiətin yaxşılıqlarını mənimsəmiş olan bir gənc kimi tanıyırdım. O, hər şeydən əvvəl, öz inqilabçı əqidəsilə də zəngin və xoşbəxt idi. Mən onun saçlarının gənc ikən vaxtından əvvəl ağarması səbəblərini onun ağır günlər keçirməsində yox, nəsli bir əlamət olduğunda arayırdım. Uzun aylar cəbhələrdə birlikdə çalışdığımız bu qəhrəmanı indiyə qədər öyrənmədiyim üçün öz-özümü danladım. Təbriz inqilabının bu yorulmaz qəhrəmanı və əks-inqilabın bu inadkar düşməni indiyə qədər özünü mənə tanıtmamışdı. Buna görə mən rus qızının səsinə səs verib, Arşakdan şəkil sahibləri barəsində danışmağı rica etdim. Arşak barmağı ilə şəkilləri göstərib dedi: – Onların birisi Süleyman əfəndi, o birisi də Salihə xanımdır. Mən soruşdum: – Onlar kimdir? – Birisi mənim atam, birisi də anamdır. – Siz erməni dinini sonramı qəbul etdiniz? – Xeyr! Mənəvvəldən də erməniyəm, erməni ailəsində doğulmuşam. Atamın adı Suren, anamın adı isə Marodur. Atam Tiflis kəndlərindən idi, bir kiçik təsərrüfatı var imiş, mənim yadıma çox az gəlirlər. Qız soruşdu: – Bəs bunlar kimdir? – Mənim evimə qonaq gəldiyiniz üçün sizi kədərləndirmək istəmirəm, çünki mənim başıma gələn fəlakətləri yazmaq üçün mahir bir yazıçı lazımdır, məncə onu lazımi qədər təsvir etməyi bacarmayacağam. Qız yenə də öz sözündə inad göstərdi, Arşak isə məcbur qalıb öz keçmişini danışmağa başladı: – Mən Türkiyədə doğulmuşam, orada osmanlı hökumətinin hər cür bəhanə ilə yerli erməniləri, asoriləri və kürdləri qırdırdığı sizə məlumdur. 1890-cı ilin avqustunda, gecə bizim kəndə də belə bir basqın oldu. Qırılan qırıldı, qaçan qaçdı. O zaman mən bir yaşında idim, ata və anamı öldürdükdən və evi daşıyıb apardıqdan sonra, məni də yatağımdan yerə atıb, yorğan-döşəyimi aparmışdılar. Məni öldürməmişdilər, çünki gələcəkdə mənim daha da fəlakətli və faciəli günlərim olacaqmış... Bir gün keçəndən sonra atamın dostu və qonşu kəndli Süleyman əfəndi kəndə gəlib, ata-anamın meyidini yudurdu» basdırır və məni dağılmış evimin torpaqları üstündən götürüb gedir. Süleyman əfəndinin övladı yox idi, onun arvadı Salihə xanım məni öz uşağı kimi döşlərində yatırıb böyütdü, mən beş yaşa çatdıör zaman Süleyman əfəndi ilə arabaya oturub çölə getdikdə o mənim üzümdən öpərək: «Doğrudur, sən bizim oğlumuzsan, lakin sənin başqa atan var idi. Bu gündən etibarən sənin adını Arşak Surenyans qoyuram. Suren rəhmətlik mənim yaxşı dostum idi, sən böyüdükdən sonra həm mənim, həm də rəhmətlik Surenin çırağını yandırmalısanp deyir. Mən çox xoşbəxt yaşamağa başladım .Kənddə mənim bacarığımı, xoşbəxtliyimi hər kəs danışardı. Süleyman əfəndi və arvadı Səlihə xanım çox qocalmışdı. Təsərrüfat işlərinin hamısını əlimə almışdım . Qocalar bundan şadlanır və mən böyüdükdə daha da rahat yaşayacaqlarına inanırdılar. Lakin daşnaklar mənim xoşbəxtliyimi əlimdən aldılar. On yaşına çatmışdım. Payız idi, tezdən öküzləri arabaya qoşub taxıl dərzlərini daşımaq üçün çölə getmişdim, gecə çox gec qayıtdım. Dərzləri açıb tayaya yığdım, öküzləri açıb tövləyə apardıqda qapıları açıq görüb şübhələndim, kibrit çəkib tövlədə heç bir şey görmədim, oğru gəldiyini zənn edib tez evə qayıtdım. Süleyman əfəndi bir az ağır eşidərdi, buna görə də dəhlizdən cana, analp deyərək, Salihə xanımı səslədim, cavab gəlmədi, içəri girib kibrit çəkdim. Onların ikisini də doğramışdılar. Səhərə qədər meyitlərin yanında oturub ağladım, səhər kəndlilər gəldi, arabaya qoşduğum öküzlərdən başqa bir şey qalmamışdı, onları satdım, meyitləri basdırdıq, onlara ehsan verdim, qırx gün orada qaldım, qırx gündən sonra həmin bu iki şəkli cibimə qoyub qəbirləri üstünə gedib, səmimi və mehriban qocalarla vidalaşdım. İrana gələn karvanlara qoşulub vətənimi atdım. Bu sözlərdən sonra Arşakın gözündən bir damcı yaş düşdü, söhbətlərdən təsirlənmiş rus gözəli də ağladı və titrək bir səslə: – Yaxşı da edib oradan çıxıbsınız, – dedikdə Arşak: – Bəli, yaxşı edib çıxdım, – dedi. – Lakin fəlakətlər, bədbəxtliklər də oradan məni təqib edə-edə gəldi. Karvanla Xoy şəhərinə gəldim, bir neçə gün yersiz və işsiz dolandım, nəhayət, zərgər dükanı olan Ohanes ağanın yanında ev nökəri durdum. Bir il onun evində, bağçasında işlədim, nəhayət, o mənim qabiliyyətli uşaq olduğumu görüb dükanına şagird götürdü. Onun bir oğlu tüfəng qayıran, bir oğlu başmaqçı, üçüncü oğlu da rəssam idi. Mən bu sənətlərin üçünü də öyrəndim. Mən yaxşı sənətkar olmuşdum, onlar məni buraxmaq istəmirdilər, mən özüm də getmək istəmirdim, onlara öyrəşmişdim. Xüsusən onların tək qızları Varvara ilə sevişmişdik, bir-birimizi həddindən artıq sevirdik. Mən son zamanlar ancaq onun üçün yaşayırdım. Qıza olan sevgim sənətimə olan sevgilərimi də canlandırır və mənim şüuruma təkan verirdi. Ohanes ağa və onun arvadı bizim sevgimizi bilirdi, onlar buna mane olmadılar, biz Varvara ilə nişanlandıq. Toy hazırlığımız bitmişdi. Bir həftədən sonra biz gələcək xoşbəxt ailənin təməlini qoyacaqdıq. Günün birində Varvaranın böyük qardaşı təzə qayırdığı cMartirə tüfəngini əlləşdirdiyi zaman güllə açılıb Varvaranın ürəyinin başından dəydi. Mən tüfəng səsini eşitdikdə o biri otaqdan tələsik gəldiyim zaman bədbəxt Varvara da son nəfəsini çəkirdi, o mənim qucağımda can verdi. Son nəfəsdə gözlərini açıb baxdı və gözündən həyatın son damcılarını buraxdı, göz qapaqlarını yumdu, sanki o, bir söz demək istəyirdi, lakin bacarmadı. Mən onun nə demək istədiyini dərhal hiss etdim və dodaqlarımı qanı çəkilməkdə olan dodaqlarına qoyaraq:Varvaral Eşit, sənin ölümünlə mənim də ailə həyatım öldün – dedim. Zənn edirəm ki, Varvara bu sözlərimi eşitdi. Mən Varvaradan sonra Xoyda ancaq bir həftə qala bildim. Ohanes ağanın ailəsi məni sevgilimin qəbrindən ayırıb evə apara bilmirdi, çünki mən evə qayıdıb qızın qatilinin üzünə baxa bilmirdim. Birinci həftə bitdikdən sonra qızın qəbrinə bir dəstə gül qoydum və gecəyarısı qəbiristandan qalxıb, birbaşa Təbrizə yola düşdüm. Həmin sol tərəfdə gördüyünüz şəkil mənim Varvaramın şəklidir. Onu özüm çəkmişəm, həmin şəkil mənim son sevgimin unudulmaz abidəsidir. Mən Varvaranın şəklinə baxdığım zaman Arşaka dönərək: – Səni başa düşürəm, əziz dostum, sənin Varvaran unudulacaq Varvara deyildir, – dedim. O,başına hərəkət verərək: – Bəli, unudulacaq deyildir, indi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm, – dedi. Bir neçə dəqiqə heç kəs danışmadı, yenə də Arşak özü sükutu pozaraq: – Belədir, xanım qız, on doqquz yaşlarında saçları ağaran, iyirmi dörd yaşlarında isə qocalan Arşakın həyat tarixi bundan ibarətdir. Bundan sonra xoşbəxt və zəngin hesab etdiyiniz adamların həyat tarixini soruşmayın, çünki adam böylə söhbətləri danışdığı zaman keçirdiyi fəlakətləri bir daha yaşamış olur, – dedikdə qız: – Mən həm Əbülhəsənbəy, həm də sizinlə bəzi söhbətləri danışmaq üçün gəlmişdim, bu qəmli söhbətlərdən sonra hərgah məni eşitmək üçün vaxtınız varsa, icazə verin danışım. Mən də, Arşak da qızdan danışmasını rica etdikdən sonra, o, söhbətə başladı: – Mən yalnız öz tərəfimdən yox, anamın tərəfindən də yanınıza gəlmişəm. Atam Təbrizə bizə pərəstar olmaq üçün gəlməmişdir. Mühüm bir vəzifə üçün Qafqaz canişini tərəfindən buraya göndərilmişdir. O, tək deyil, onun bir ingilis yoldaşı da vardır. Onlar burada casus təşkilatı düzəltməyə çalışırlar. Bunun üçün də anam çox qorxur, çünki onların düzəltdiyi təşkilat yerli xalqın əleyhinədir. Heç şübhə yoxdur ki, cənab Əbülhəsənbəyin və cənab Arşakın bizimlə olan səmimi tanışlığı davam edəcəkdir. Siz bizim və biz sizin evinizə gedib-gələcəyik. Buna görə də sizdən çox rica edirəm ki, atamın yanında bəzi sözləri danışmayasınız, çünki yandarmın və xəfiyyə təşkilatı üzvlərinin dostu olmaz, onlar vəzifə üçün ən yaxın adamlarını da qurban verə bilərlər. Bir də sizdən rica edirik ki, tanımadığınız qadınlarla tanış olmayın, onları evinizə gətirməyin, çünki atamın əlində olan materiallardan görünür ki, Təbrizə bir çox casus qadınlar gətirilmişdir. Mən sizə bunları demək üçün gəlmişdim. İndi isə icazə verin mən gedim. Mən də, Arşak da qızdan razılıq etdik və qaranlıq düşəndə onun qolundan tutub evlərinə yola saldıq. Yol uzunu yenə də sevgi barəsində təzə fəlsəfələrdən deyirdi. * * * Çar kazakları mərsiyəxanlıqda Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq. Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi. Bu həyat qadınlara daha artıq təsir etmişdi. Ziyarətgahlar, qəbiristanlar üzünə ağ çəkmiş qadın dəstələri ilə dolu idi, rübəndini yavaş-yavaş atan və dünya işığını görməyə başlayan qadınlar arasında bir dönüş, irtica hiss olunurdu. Təbrizdə açıq gəzməyə başlayan bir neçə qız və məktəblilər də küçələrə açıq çıxa bilmirdi. Bazarda hər addımda mərsiyə oxunduğunu görmək olurdu. Dükanlardan bir çoxu bağlı idi. Məşədi Kazım ağanı da evdə çox az görmək olurdu. Bu hərəkatda Təbriz dübbələri daha böyük rol oynayırdı. Məscidlərdə ağlagəlməz oyun çıxarırdılar. Bunu Məşədi Kazım ağa da özü üçün məşğuliyyət tapmışdı, peşəsi Mir Müfid ağanın məscidində dübbəlik etmək idi. Çox təəccüblü burasıdır ki, Təbriz məsxərəçiləri rus kazaklarını da bu rüsvayçılığa cəlb etmişdilər. Axşam Məşədi Kazım ağa bizə gəlib: – Mənim xatirim üçün bir saatlığa zəhmət çəkib bir yer vardır, ora gedək, – dedi. Mən Təbrizdə son günlər başlayan hərəkata baxa bilmirdim, insan, doğrudan da, iyirminci əsri orta əsrlərə qaytarmaq istəyən əhaliyə baxarkən utanırdı. Biz Məşədi Kazım ağa ilə evdən çıxıb, yavaş-yavaş gəzirdik. O məni qəsdən gəzdirib, nəhayət, Məşədi Abbas Nəccarovun qapısına gətirdi. Qapıda bir çox silahsız kazak durduğunu gördüm. Məşədi Kazım ağa: – Burada imam ehsanı vardır, kazaklar növhə oxuyacaqdır, – dedikdə mən soruşdum: – Kazaklar növhə oxuyacaq?) – Bəli, dübbələr kazaklara növhə öyrədiblər. İçəridən sinəzən və növhə səsi gəlirdi. Bir də gördüm ki, birisi Məşədi Abbas Nəccarovun evindən çıxıb kazaklarla danışmağa başladı. Məşədi Kazım ağa bu adamı mənə göstərib: – Bütün oyunbazların başçısı budur, buna Mürdəşəvioğlu Qasım deyərlər, məşhur dübbədir, özü də yeddi dil bilir, kazaklara növhə oxumağı bu öyrədibdir. Biz bu söhbətdə idik, kazaklar növhəni başlayıb sinələrinə vuravura oxudular: İmam Quseyn xoroşi, Yezid bolşoy sukin sın. Pilov davay po bolşi, Yezid bolşoy sukin sın!.. Kazaklar oxuyub sinələrinə vurduqları zaman qapıda duran avam camaat: – Bax, din belə olar! Bir neçə günün içində bütün rus kazakları İslam dininə gəldi. – Haqq din, haqq-məzhəb budur! – Buna dinin qələbəsi deyərlər. Qoy kafirin gözü çıxsın! – Ağa, bunun özü də möcüzədir. İmam bəs necə olar? -— Şübhəsizdir ki, kazaklar islam dinini qəbul edibdir. – Hə dal Əlbəttə ki, edibdir. – Dinə inanmayanlara ibrət olsun! – deyirdilər. Sərdar Rəşid də öz evində imam Hüseyn təziyəsi saxlamışdı, o, hökumət idarəsinin başında cSahibəzzəmanp bayrağı vurduğu kimi, evinin qapısında da həmin bayrağı vurmuşdu. Sərdar Rəşid birinci gün bizi də təziyə məclisinə dəvət eləmişdi, məktubunda: Cənab general-konsul da bu gün həzrət Seyyidüşşühəda təziyəsində iştirak edəcəkdir? – deyə yazmışdı, buna görə biz Məşədi Kazim ağa ilə birbaşa sərdar Rəşidin evinə getdik. Biz məclisə hamıdan gec getmişdik, salon dolmuşdu, general-konsul, konsulxana mütərcimlərindən Mirzə Ələkbər xan, Mirzə Fətulla xan Babayev və sairləri də hazır idi. Təziyə məclisi bitdikdən sonra konsul və konsulxana məmurları ilə bərabər sərdar Rəşid bizi də şam yeməyinə saxladı. Konsul olduqca şad görünürdü, çünki bu təziyə bayramı onun gizli təşkilata çaldığı qələbənin bayramı hesab olunurdu, o öz xəyalında inqilab komitəsini məğlub etdiyini düşünürdü. Konsul söhbət əsnasında hazırkı hərəkata işarə edərək: – Siz onu yəqin ediniz ki, son hadisələrin göstərdiyinə görə, dininiz olduqca möhkəm və həqiqi bir dindir, – dedi. – Son vaxtlar Təbrizdə islam dininə qarşı aparılan mübarizə hansı bir dinə qarşı qoyulsaydı, məhv olub getmişdi. Məhəmməd peyğəmbər, öz möcüzəsi ilə dininin möhkəm və sarsılmaz olduğunu göstərdi. Bu din, dinsizliyi kökündən dağıtdı, az zamandan sonra bütün dünyanın islama gəldiyini görəcəksiniz. Konsulun bu sözlərini Mirzə Ələkbər xan və Mirzə Fətulla xan Babayev də təsdiq etdi, sonra da sərdar Rəşidin əmri ilə katibi bir dəstə teleqram gətirdi. Teleqramlar Azərbaycan əyalətindəki qubernatorlardan idi. Orada bütün Azərbaycan xalqı Şeyx Əbdüləzəl Müəyyədin Təbrizə çağırılmasını rica edirdi. Konsul teleqramları nəzərdən keçirdiyi zaman, Şeyx Əbdüləzəlin Azərbaycana gətirilməsi işini məsləhət görüb, teleqramlara cavab verməyi və əhalinin xahişinə əməl etməyi sərdar Rəşidə məsləhət gördü. Teleqramların altında məhəlli hakimlərin imza qoyduğuna baxmayaraq, bu teleqramları məhəlli çar konsulları tərtib etmişdi. Bu hərəkətin qarşısını almaq barəsində tədbirlər düşündüyümüz zaman bir çox həqiqətlər bizə göstərdi ki, Rusiya və İngiltərə tərəfindən təşkil olunmuş bu hərəkatı, Rusiya-İngiltərə əleyhinə olan bir hərəkat şəklinə salmaq mümkündür. Lakin biz bu tədbiri həyata keçirmək istəmirdik, çünki bunun həyata keçməsi nəticəsində Təbrizlə olan bütün əcnəbilərin qırılıb məhv olması ehtimalı var idi, buna görə də bu hərəkatı əldə etmək istədiyimiz həqiqi vəsiqələrlə ifşa etməyə hazırlaşırdıq. Söhbət əsnasında konsul Şeyx Əbdüləzəlin Təbrizə gətirilməsi işinin mütəşəkkil aparılmasını tapşıraraq: – Şeyxi Azərbaycana gətirmək üçün dini bir heyət göndərmək lazımdır, – dedi. Bu sözdən sonra sərdar Rəşid Qəsri-Şirin şəhərinə göndərilmək üçün heyət təşkil edildiyini söylədi. Təziyə məclisi qurtarandan sonra yenə də rus kazakları küçədə gedən dəstələrə qoşulub: – İmam Quseyn xoroşi... – deyərək sinələrinə vura-vura gedirdilər. * * * Şeyx Əbdüləzəlin nümayəndəsi İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi. Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı. İngilis casus təşkilatının başçısı özü ilə bərabər Cənubi İrandan Təbrizə gətirdiyi adamlardan başqa, çar konsulxanası ixtiyarında olan casusları da təşkil etmişdi, halbuki konsulxana casuslarının otuz faizi bizim ora göndərdiyimiz adamlar idi. O cür casusların hamısı gündəlik işlərinin dəsturələməlini bizdən alırdı. Bu gün onun konsulxanaya verəcəyi adamların siyahısını da biz düzəldirdik. Bununla da biz bir çox çar dostlarını, inqilabın qatı düşmənlərini inqilabçı adı ilə həbs etdirib onların Rusiyaya sürgün olunmalarına nail olmuşduq. Çar konsulu və ingilislər gizli inqilab təşkilatından o qədər qorxurdular ki, kimin gizli təşkilata mənsub olduğu xəbərini eşidirlərsə, dərhal və yoxlamadan tutub Rusiyaya sürgün etdirirdilər. Eyni zamanda ingilislərin casus təşkilatı bir nəfər də olsa inqilab təşkilatı üzvlərindən əldə edə bilmədi. Sərdar Rəşid inqilabın düşməni olduğuna baxmayaraq, bu barədəki bəzi sirləri bizə verirdi, çünki onun öz sirləri bizim əlimizdə idi. O, inqilabçılara toxuna bilmirdi. Eləcə də konsulxana mütərcimi Mirzə Ələkbər xan da bizim qorxumuzdan öz casusluq vəzifəsini ifa edə bilmirdi. Biz hər işdən əvvəl, Şeyx Əbdüləzəl Müəyyədin yanından gəlmiş naməlum adamın simasını və kimliyini aydın etmək istəyirdik. Onu təqib etmək üçün onlarca adamı qarovul qoymuşduq. Onun Hacı Mirzə Həsən müctəhidin oğlu çolaq Mirzə Məsudun evində yaşadığını və özünün Samiriyyə şəhərindən deyil, Şiraz şəhərindən gəldiyini öyrənmişdik. Lakin özünü «müsəlman ruhanisi? libasına salan bu casusun kimliyini və hansı millətə mənsub olduğunu öyrənmək mümkün deyildi. Biz Amerika konsulxanası katibi Frikson vasitəsilə də bunu öyrənə bilmirdik. Friksonun dediyinə görə, amerikalıların özləri də bu firıldaqçını öyrənməyə çalışırmış. Amerika konsulxanasının ingilis Röyter agentliyinə məxsus teleqrafxanasındakı xəbərçisi də bir iş görə bilmirdi, çünki vurulan teleqramların içərisində naməlum adama dair heç bir məlumat yox idi. Şifrəli və açıq teleqramlar bu fırıldaqçı barəsində bir xəbər vermədiyi kimi, İran teleqraf idarəsi də buna dair bir xəbər göndərmirdi. Lakin biz ümidimizi kəsməmişdik, onun üzərinə qoyduğumuz nəzarəti gücləndirmişdik, gecə səhərə kimi €Ya Sahibəzzəmanlb qışqırıb Mirzə Məsud müctəhidin qapısında duranların içərisində bizim də adamlarımız var idi. niki Gecə saat 2-də qapını vurdular, tələsik geyinib qapıya çıxdım. Həsənağa və Tütünçüoğlunu gördüm, onlar Mirzə Məsud ağanın qapısında hazırlıq görüldüyü və naməlum adamın bir tərəfə yola düşmək ehtimalı olduğunu xəbər verdilər. Mən heç düşünmədən onlara tapşırdım: – Uşaqlardan, inandığınız adamlardan bir neçəsini hazırlayın. Onlar atlanıb naməlum adamın dalınca getsinlər, onun bütün şeylərini oğurlatdırıb əldə etməmiş Təbrizə qayıtmasınlar. Həsənağa və Tütünçüoğlu heç bir söz demədən qayıdıb getdilər, onların bunu yerbəyər edəcəklərinə şübhəm yox idi. Səhər tezdən şəhərdə Şeyx Əbdüləzəl Müəyyədin qasidinin şeyxi Təbrizə gətirmək üçün Samiriyyə şəhərinə yola düşdüyü xəbəri yayılmışdı. Şübhəsizdir ki, Cənubi İrandan Tehrana və Tehrandan da ingilis casus təşkilatının tapşırığı ilə Təbrizə gələn bu fırıldaqçı, Samiriyyədə düzələn ingilis və rus xəfiyyə təşkilatları ilə də əlaqədar idi. Bu gün dini heyətin də Şeyx Əbdüləzəli Samiriyyə şəhərindən gətirmək üçün yola düşdüyünü eşitdim. Bu xəbəri hələ biz yatağımızdan qalxmadan Mahrunun yazdığı məktubdan öyrəndik. Məktubda heyətin sərdar Rəşiddən göstəriş alıb yola düşdüyü xəbər verilirdi. Bir az sonra bu xəbəri bizə, Mirzə Ələkbər xan, Amerika konsulxanası katibi Frikson və miss Hanna da verdiyi kimi, gündüz saat 3-də Nina da konsulxanadan dini heyətin yola düşdüyü barəsində sərdar Rəşidin konsulxanaya məlumat verdiyi xəbərini gətirdi. Sərdar Rəşid ingilis casus təşkilatını ifşa etdiyimizdən sonra bir çox təşəbbüslərini bizimlə razılaşdırırdı. Lakin imamın zühuruna dair fırıldağın əsas kökünü bizə göstərmirdi. Sanki bu barədəki bütün təşəbbüslər kütlələrin tələbi ilə başlamaqda idi, o bu macəranın gizli bir təşkilatla əlaqədar olmasını gizlətməyə çalışdığı üçün biz də bunu ondan xəbər almırdıq. Hər halda biz onun verdiyi məlumatları əsas tutmurduq, çünki o, hər bir məlumatı bizə verdiyi zaman, məsələnin əsas cəhətlərini gizlədər və yaxud təhrif də edə bilərdi. Çox vaxt Mirzə Ələkbər xan və Nina vasitəsi ilə konsulxanadan aldığımız məlumatlar barəsində bizə sərdar Rəşid heç bir söz demirdi, biz bunun üçün də onu təqsirləndirmirdik, çar konsulunun bəzi mühüm məsələləri sərdar Rəşiddən gizli saxlaması ehtimalı var idi. Eyni zamanda bizim özümüz də, sərdar Rəşidə çox təzyiq etmək istəmirdik, çünki konsul təzyiq edib Təbrizdə işləyən gizli əllərin aşkara çıxarılmasını ondan tələb edirdi. Buna görə də çarın sadiq nökəri son günlər çıxılmaz bir vəziyyətdə idi. * * * Naməlum adamı təqib etmək üçün gizli komitə tərəfindən göndərilən Şəfi Şabanoğlu və Əsəd Tütünçüoğlu qayıdıb Təbrizə gəldi. Onlar naməlum adamın özünü və onu müşayiət edənləri Vasminc qəsəbəsinə qədər təqib edib, onun Hacı Molla Əzizin evində mənzil etdiyini öyrənmişdilər. Naməlum adamı aparan faytonun iki atı xəstələndiyindən və Təbrizdən təzə atlar gətirmək lazım gəldiyindən naməlum adam Vasmincedə bir gecə təxir etməyə məcbur olmuşdu. Naməlum adam bütün şeylərini özünün olduğu otağa yığdığı üçün əvvəlcə onları heç bir vəchlə əldə etmək mümkün olmamışdı. Nəhayət, o, gecə saat 1-də şam etmək üçün Hacı Molla Əzizlə bərabər başqa otağa keçdiyi zaman Şəfi pəncərədən içəri girməklə naməlum adamın bütün var-yoxunu götürmüşdü. Çamadan və xurcunu Molla Əzizin evindəki ayaqyoluna atıb, şeylərini Təbrizə gətirmişdi. Şeyləri gözdən keçirdik. Naməlum adamın Mirzə Hadi Rəhnüma olduğu meydana çıxdı. İki çamadan və bir bağlıdan ibarət olan zəngin və qiymətli şeylərin içərisini nə qədər aradıqca imamın zühuruna aid fırıldağı nişan verə biləcək heç bir əsas tapa bilmədik. Paltarların astarına qədər axtardıq, onun papiros çəkdiyi müştüyü belə sındırıb içinə baxdıq, yenə də bir şey əldə edə bilmədik. Onun şeylərinin içərisində beş daş qələm, bir düfün də ağ və yuyulmamış dəsmal var idi, Mən əvvəlcə bıçaqla daş qələmin birisini başından yarıb iki böldüm, içində nazik papiros kağızı üzərində yazılmış bəzi rəqəmlər gördüm. Qələmlərin hamısını parçaladıq, hamısının da içində bu cür yazılar və rəqəmlər var idi, lakin onlardan heç bir söz anlamaq mumkün deyildi. Sonradan ağ dəsmallardan birisini odun üzərində tutduq. Dəsmalda yenə də bir sıra rəqəmlər oxunmağa başladı, bununla da biz bütün dəsmallarda rəqəmlər yazıldığını kəşf etdik. Mirzə Hadi Rəhnümanın şeyləri içərisində həddindən artıq saxta ingilis lirəsi də var idi, biz onun şeyləri ilə bərabər həmin saxta lirələri yandırdıq. Nina dəsmaldakı rəqəmləri gözdən keçirdiyi zaman, onların ingilis şifrəsi olduğunu söylədi. ek Gündüz saat 3-də Təbriz bir-birinə dəymişdi, imamın nümayəndəsinin Vasmincdə qarət olunduğu xəbəri kütlələrin arasına yayıldığı zaman yenə də onlar mövhumatdan uzaqlaşmayaraq, cürbəcür şayiələr uydururdular. – Şeyləri götürən adam həmin saat şil olub Molla Əzizin həyətində yıxılıb qalmışdır. – Xurcun çiyninə yapışıb qalıbdır. – Vasminc yolunda iki adam daş olubdur. – Oğrular üç nəfər imiş, onlardan birisi dönüb meymun, o birisi ayı, üçüncüsü də keçi olubdur. Lakin bu xəbərlərin heç birisi ingilis konsulxanası ilə çar konsulxanasını təskin edə bilmirdi. Onlar sərdar Rəşidi ciddi işə başlamağa məcbur etdilər. O, birinci növbədə Vasmincdə Mirzə Hadi Rəhnümanın qonağı Molla Əzizi həbs etdirdi, lakin bir neçə saatdan sonra ingilis və çar konsulları Molla Əzizi azad etdirməklə bərabər sərdar Rəşidi bunun üçün məzəmmət elədilər, çünki Molla Əziz məşhur çar agenti idi. Buna baxmayaraq, sərdar Rəşid tərəfindən naməlum adamın şeylərini axtarmaq üçün gedənlər çamadanları və xurcunu ayaq yolundan tapdılar. Sərdar Rəşid isə şeylərin Molla Əzizdə olduğunu təkrar edərək konsulxanalara etiraz etdi və Molla Əzizi ikinci kərə həbs etdirməyə nail oldu. Təbrizdə güman edilən bir çox yerlər axtarildi, Nəhayət, bu cinayət çarın sadiq nökəri Molla Əzizin boynunda qaldı və onun Rusiyanın hansı bir tərəfinə göndərildiyi məlum olmadı. Mən fürsəti əldən buraxmayaraq, Mirzə Hadi Rəhnümanın şeylərinin içindən çıxan vəsiqələri götürüb miss Hannanın yanına apardım. Miss Hanna məni çox şad bir surətdə qəbul etdi. Özü vəziyyətinin bərpa edilməsindən razı qaldığını söylədi. Miss Hanna Amerika konsulxanasında Friksondan başqa köhnə işçilərin qalmaması və Friksonun özünə böyük ehtiram bəsləməsini əlavə edərək, mənə minnətdar olduğunu bildirdi. Mən dəsmalları və vəsiqələri miss Hannaya göstərdiyim zaman o güldü: – Amerika konsulxanası bu şifrənin açarını əldə etmək üçün ayda ən azı min dollar sərf edir, – deyə düşüb şifrənin açarını gətirdi. Birinci dəsmal, Mirzə Hadi Rəhnümanın şəxsi vəsiqəsi idi. Bu vəsiqədən anlaşıldığına görə, Mirzə Hadi ingilis polis təşkilatının İran şöbəsi işçilərindən, mister Çarlz Vilyam idi. Miss Hanna bu casusun məharətindən danışaraq: – Mister Vilyam Laurens məktəbinin ən adlı-sanlı tələbələrindəndir. Bu adam çoxdan bəridir ki, Laurensin əli altında olaraq İran və Türkiyə məmləkətlərində çalışır, – dedi. Daş qələmin və başqa dəsmalların içərisində olan yazılar bir-birinin əlavəsi idi. Bu vəsiqələrdən anlaşıldığına görə mister Çarlz Vilyam Tehrana getməli və orada €Rasta». ilə görüşməli və təzə göstəriş alaraq İran sərhədindən Türkiyəyə keçməli idi. Mister Çarlz Vilyam Bağdadda mister Tomas ilə görüşmək üçün Təbrizdəki ingilis konsulundan göstəriş almışdı. Başqa bir vəsiqədə də Çarİz Vilyamın Təbrizdəki ingilis konsulxanasından para almadığı və «Rasta» vasitəsilə təmin ediləcəyi göstərilmişdi. Dəsmallarda olan yazıları öyrəndikdən sonra, bütün vəsiqələri miss Hannanın evində yandırdıq. Nəhayət, ingilis və çar konsulluqları, aparılan şeylərdən bir iz əldə edə bilmədiklərindən, şeylərin siyasi bir təşkilat tərəfindən yox, adi oğrular tərəfindən aparıldığını zənn edərək, sakit oldular. İnqilab komitəsi tərəfindən bu fırıldağın ifşa edilməməsi və burada gizli vərəqələr buraxılmaması da onları təskin edirdi. İngilis və rus konsullarını təskin edən məsələlərdən biri də vəsiqələrin şifrəli olması idi. Onlara elə gəlirdi ki, bu dəsmalları adi bir dəsmal kim işlədib atacaqlar. Biz bu vəsiqələri qəsdən ifşa etmirdik, çünki Şeyx Əbdüləzəl Müəyyədin Təbrizə gəlib-gəlməməsini gözləyirdik. Komitənin qərarına görə Şeyx Əbdüləzəl Müəyyədi təqib etmək üçün Türkiyə sərhədinə adamlar göndərmişdik. Hərgah Şeyx Əbdüləzəl Təbrizə gəlmək istərsə, onun şeylərinin də oğurlanması və onun da Mirzə Hadi Rəhnüma ilə bərabər bir yerdə ifşa edilməsi qərarını çıxarmışdıq. * * * Sərdar Rəşidin son günləri Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman- 1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi. Sərdar Rəşidin öz yerində qalmaq üçün Rusiya hökumətindən başqa bir istinadgahı yox idi. Buna görə də son günlər o, Rusiya hökumətinə ciddi bir xidmət göstərməyi, bununla da Təbrizdə qala bilməsi üçün zəmin hazırlamağı düşünürdü. O bu nöqteyi-nəzərdən bizi hər nə qiymətə olursa-olsun sata bilərdi. O özünün əlimizdə olan sirlərinə baxmayaraq, öz taleyini bir kərə qumara qoymağı da bacarırdı. Axşam idi, Nina da bizdə 4di. Sərdar Rəşid məni öz evinə çağırdı və gecə saat 11-də görüşmək istədiyini xəbər verdi. Lakin mən xəstə idim, gedə bilməyəcəkdim. Nina bunu ona telefonla xəbər verdi və eyni zamanda ona lazım olan təzə xəbərlər olduğunu da əlavə etdi. Nina yalnız indi deyil, bir neçə kərə İraidadan məktub gəldiyini söyləyərək, sərdar Rəşidi aldatmışdı. Bu gün yenə də Nina İraidanın dilindən sərdar Rəşidə məhəbbətli bir məktub yazıb hazırlamışdı. Bir saatdan sonra qapıda avtomobil səsi eşidildi. Sərdar Rəşid çar konsulunun ona bağışladığı maşına minib gəlmişdi. Bu dəfə o, Mahrunu da özü ilə bərabər gətirmişdi. Nina onları həyətdə qarşıladı. Birlikdə otağa daxil oldular. Mahru çarşabını götürdü, gəlib mənim əlimi sıxdı, lakin nə Mahru, nə də Nina oturmaq istəmədilər. Sərdar Rəşid isə Ninaya müraciətlə: – İndi xanım buyursun görək, nə kimi təzə xəbər vardır? – dedikdə Nina güldü və: – İraida həzrət əşrəfə məktub göndərmişdir, – dedi. – O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. Məktubun içərisində kiçik bir rəsminin də dalısını yazıb, sizə təqdim etməyimi tapşırmışdır. Sərdar Rəşid bu saxta məktubdan çox şadlandı, sevindi, çünki o bu cür məktubları tez-tez gözləyirdi. Hətta bir neçə kərə İraidaya göndərilmək üçün Ninaya məktub da yazdırıb vermişdi. Sərdar Rəşid daim olduğu kimi yenə də ah çəkərək: – Mən zənn edirəm ki, mənimlə İftixarissoltan arasındakı ailə əlaqəsi hələ qırılmamışdır. Hərgah qırılmış olsaydı, o heç bir vaxt mənə məktub göndərməzdi və öz şəklini hədiyyə etməzdi. Sərdar Rəşid bunları dedikdən sonra Ninaya iki qiymətli üzük verdi: – Bunun birisini sizə bağışlayıram, birisini də İftxarissoltana göndərərsiniz. Sabah məktub da yazaram, siz tərcümə edərsiniz. Bəlkə, İftixarissoltanın pula da ehtiyacı vardır? – dedi. Nina isə: – Çox razıyıq. Pula ehtiyacı yoxdur. Əbülhəsənbəy həmişə sizin tərəfinizdən ona salam yazır, məktub və pul da göndərir, – söylədi. Nina və Mahru xanım vidalaşıb çıxdı, sərdar Rəşid də əsas məsələ üzərinə keçərək danışdı: – Cənab sərkar özü günlərin nə qədər məsuliyyətli günlər olduğunu bilməmiş deyildir, – dedi. – Doğrudur, həzrət əşrəf bu barədə tamamilə haqlıdır, – dedim. Sərdar Rəşid əlindəki kibrit çöpü ilə külqabını qurdalayaraq, çox soyuqqanlı bir surətdə danışmağa və Təbrizdə baş verən hadisələri bir-bir saymağa başladı: – Cənab sərkarın təşəbbüsü ilə görülən işlərin hamısı mənim mövqeyimə təsir edir. Mərsiyə məclislərinin pozulması, Sahibüləmr məscidində, Seyid İbrahim və Seyid Həmzə məqbərələrindəki hadisələr, Molla Qurbanın saqqalının qırxılması, intizariyun firqəsinin ifşa edilməsi, Kərbala ziyarətinə gedənlərin €çar agentlərib adı ilə şəbnamələrdə yazılması və sair bu kimi işlərin hamısı mənim mövqeyimə təsir edir. Cənab konsul hər gün məni çağırıb, gizli əllərin aşkara çıxarılması və Təbrizdəki inqilab təşkilatının ifşa və həbs edilməsini tələb edir. Bəndə nə çarə edim? Bu məmləkətdir. Bunun idarəsini mənə tapşırıblar. Yuxarı baxıram bığdır, aşağı tərəfə nəzər salıram saqqaldır. İndi cənab sərkarın özü buyursun görək, bəndənin təklifi nədir? Balarzanı məhv etdirmək və onun dövlətini aparmaq işinin ifşasını da cənab konsul məndən tələb edir. Mən sərdar Rəşidin nə demək istədiyini bilirdim, o bütün saydıqları hadisələri bizdən bilirdi, istəyirdi ki, bunları mən özüm də təsdiq edim, özümü onun qarşısında günahkar hesab edərək yalvarim. Mən ona sual verdim: – Hələ bu hadisələri törədənlərin kimliyi bu tərəfdə qalsın, mən sizə sual verirəm: İnqilabi komitənin gördüyü bütün işlər Azərbaycanın zərərinəmi, nəfinəmidir? – İnqilab komitəsinin gördüyü işlər tamamilə Azərbaycanın səadəti üçündür. – Çox pakizə. Bu hadisələrin qarşısını almaq üçün həzrət əşrəfə Tehrandan bir göstəriş vardırmı? – Xeyr, yoxdur! – Bəs elə isə bu cür işlər sizin nüfuzunuza nə üçün toxunsun? – Çünki bu işlər çar siyasətinin əleyhinədir. – Əcəba, sizin fikrinizcə, Tehran hökuməti çarın Azərbaycanda apardığı müstəmləkə siyasətinin əleyhinə deyildirmi? – Əlbəttə, əleyhinədir! – İndi həzrət əşrəf buyursun görək, onu Təbriz hökumətinə kim təyin etmişdir? Sərdar Rəşid bu son sözümün cavabını vermək üçün xeyli gü- «əndi. Nəhayət: – Həqiqətinə baxanda bəndəni ruslar təyin etmişdir, – dedi. – Demək ki, siz Rusiya hökumətinin tərəfindən bu hökumətə təyin edilmişsiniz? – Bəli, hə da, elə çıxır. – Elə isə siz nə üçün Rusiya əleyhinə çıxan inqilabçıları təqsirləndirirsiniz? Bir halda ki, özünüz də sizi bu ali vəzifəyə təyin edən Rusiya hökumətinin əleyhinə çalışırsınız, başqalarını təqsirləndirməyə nə haqqınız vardır? Əcəba, Rusiya əleyhinə işləmək üçün Əbülfət Mirzə vasitəsilə Almaniya dövlətindən 50 min tümən almaq ruslara xəyanət deyildimi? Erməni xalqını qırdırmaq və qarət etdirmək üçün Helmi Fovzi ilə sazişə girmək ruslara qarşı xəyanət deyildimi? Mirzağa Bülluri və Hüseyn Fişəngçilə kağızlaşıb Hacı Səməd xanı rus qoşunu ilə bərabər Savucbulaq altında məğlub etdirməklə Hacı Səməd xanın yerini tutmağa hazırlanmaq çar Rusiyasına xəyanət deyildimi? Həzrət əşrəf, bu saydıqlarım sizin Rusiya dövlətinə qarşı xəyanətlər deyildimi? Tehran hökumətinə və özümüzə qarşı etdiyiniz xəyanətlər daha böyükdür. Sizin çar Rusiyası əleyhinə olaraq Tehrana verdiyiniz xəbərlər və Tehrandan gələn xəbərləri isə Rusiya hökumətinə verdiyinizə aid vəsiqələrin hamısı inqilabçıların əlindədir. Siz, hər iki hökumətə qarşı xain hesab olunursunuz. Lakin təəssüf olsun ki, həzrət əşrəf öz verdiyi əhd-peymanın üstündə durmaq istəmir və lazımi işlərini bizimlə məsləhətləşdirmir. Hərgah həzrət əşrəf öz əhd-peymanının üstündə durarsa, mən onun mövqeyinin müdafiə olunmasına söz verirəm. Biz çar konsulu yanında sizin nüfuzunuzu, etimadınızı yüksəldə bilərik. Həzrət əşrəf özü bilir ki, biz onun nüfuzuna toxunmaq istəmirik. Sizin son günlərdə olan hərəkətlərinizdə böyük bir şübhə hiss olunur, buna görə də mən sizin bir dostunuz kimi bu xətt-hərəkətin dəyişilməsini məsləhət görürəm. Siz bizi məhv etməkdən qabaq özünüzü məhv edə bilərsiniz. İndi mən sizə bir sual da verəcəyəm: -— Siz Təbriz inqilabçılarından kimi tanıyırsınız? – Heç kəsi tanımıram! – Mənim inqilabçı olduğum haqqında sizdə bir vəsiqə vardırmı? – Xeyr, yoxdur! – Lakin sizin hər iki hökumətə xain olduğunuz barəsində inqilabçıların əlində yüzlərlə vəsiqə vardır. Hərgah sabahın özündə həmin vəsiqələrin birisini şəbnamədə yazdırıb Təbriz divarlarına yapışdırsalar, o zaman siz nə kimi bir vəziyyətə düşərsiniz? Sərdar Rəşid bir neçə kərə udqunub: – O zaman mən məhv olaram! -— dedikdə mən də: – Məhv olmaq lazım deyil, yaşamaq lazımdır, – dedim. – Bəlkə də, sizin inqilabçılarla dostanə əlaqə saxlamağınız günahlarınızı azaldar və vaxtında bir inqilabçı çıxıb deyər: «Cənab sərdar Rəşid bəzi sirləri bizə verir və çətin günlərdə bizə köməklik göstərirdi». Siz ancaq bu adla üzərinizdəki ləkəni təmizləyə bilərsiniz. Belə deyildirmi? – Belədir, bunu təsdiq edirəm. Ağanın başı üçün buna inanıram. – Demək ki, bu məsələmiz bitdi. İndi həzrət əşrəf buyursun görək daha nə lazımdır? – Daha sizin sağlığınız. * * * Şeyx Əbdüləzəl gəlir İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı. Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı. Düzələcək dəstənin başına iyirmi nəfər İstanbulda oxumuş və Dardanel hərb səhnəsindən yenicə Tehrana qayıtmış İran zabitlərinin təyin olunması şayiələri, rus və ingilis səfirlərini daha da rahatsız edirdi. Soltanabadda alman səfirinin iclas çağırması, Rusiya-İngiltərə əleyhinə böyük paralar sərf edərək, bir çoxlarını öz ətrafında səfərbər etməsi şayiələri doğrulaşmağa başlamışdı. Amerika konsulxanasından alınan xəbərlərə görə, Rusiyanın Tehran səfiri Etter Petroqrada, xariciyyə naziri Sazonova vurduğu 691 nömrəli teleqramında da bu məsələləri qeyd etmiş və eyni zamanda Qəzvindəki rus qoşununun geri çəkilməsi üçün İran baş nazirinin ciddi tələbat verdiyini bildirmişdi. Almanların İranı öz ittifaqlarına çəkmək təşəbbüsləri, İranın bitərəfliyini pozmaq və onu hərb səhnəsinə çevirmək üçün ingilislərin əlində mühüm bir bəhanə təşkil edirdi. Bu məsələ aralığa çıxandan bir gün sonra İngiltərə xariciyyə naziri Qerey Petroqraddakı ingilis səfarətxanasına, Bıyugenə vurduğu 2466 nömrəli teleqramında deyirdi: «İranın vəziyyətinə dair əldə edilən məlumat olduqca həyəcanlidir. Bizim və Rusiyanın ciddi hərəkət etməsi məcburidir. Biz gərək Rusiyadan Şimali İrana güclü qoşun dəstələri göndərilməsini tələb edək. Siz də cənab Sazonova inandırıcı bir surətdə deməlisiniz ki, biz hər nə olursa-olsun Bağdada hücum etməliyik. Bu məntəqənin bizim tərəfimizdən işğal edilməsi, İranda ümumi iş üçün müsbət bir təbəddülat yarada bilər. Beləliklə, Rusiyanın Şimali İrandan, bizim isə cənubdan hərəkətə başlamağımız vəziyyəti yüngülləşdirər, lakin mütləq təxirsiz hərəkətə başlamaq lazımdırə. Şimaldan ruslar İrana, cənubdan isə ingilislər Bağdada hücuma hazırlaşdıqları zaman, cLaurensə məktəbini qızıl nişanla bitirmiş Şeyx Əbdüləzəl Müəyyəd dəxi öz əlaltıları ilə bərabər Samiriyyədən Kazimeyi qəsəbəsinə, oradan da Bağdada hərəkət edib İrana gəlməyə hazırlanırdı. Qəsri-Şirindən şifrəli teleqram almışdıq, Şeyx Əbdüləzəl iyirmi nəfərlik dəstəsi ilə Xanəkin şəhərindən hərəkət edərək, Qəsri-Şirinə varid olmuşdu. Şeyx Əbdüləzəl Müəyyəd təpənin üstündə qoyulan sərhəd dirəyini keçdiyi zaman Təbrizdən istiqbala gedən heyət onu qarşılamış və onun ayağının altında iyirmi qoyun qurban kəsmişdi. Şeyx Əbdüləzəl Qəsri-Şirin hakiminin evində bir gün qalmış və bu müddətdə bütün sərhəd boyunda olan İran kəndliləri onun ziyarətinə gəlmişdi. Şeyx hələ Qəsri-Şirindən hərəkət etməmiş Sərpul, Harunabad, Mahdəşt və Kirmanşahdan şeyxi istiqbal etmək üçün nümayəndə dəstələri gəlirdi. Şeyx Əbdüləzəl Müəyyədin adamları Qəsri-Şirindən Kirmanşaha qədər bütün nəzir və hədiyyə gətirənlərin hamısını geri qaytararaq: – Cənab Şeyx Sahibüləmrin xəzinəsindən xərcləyir, Sahibüləmr gecə yuxuda öz xəzinəsindən bir qızıl götürüb şeyxin kisəsinə salmışdır. İndi neçə aylardır ki, şeyx gecə yatıb səhər yerindən qalxanda görür ki, kisəsi qızılla doludur, – deyirdilər. Təbrizə gələn xəbərlərə görə, şeyx yalnız nəzir almamaqla kifayətlənməyərək, qabağına gələn fəqirlərə də öz kisəsindəki qızıllardan nəzir verirdi. Şeyx hələ gəlib Təbrizə çıxmamışdı. Dünən onun teleqramını Sonqur şəhərindən almışdılar. Lakin Təbrizdə yenə də təzə bir hərəkat başlanmışdı. Dükanını bağlayan, işini buraxan, evini sahibsiz qoyan, uşağını dalına bağlayan və qucağına götürən qadınlar, kişilər, tacirlər, hamballar belə Həzrət Sahib meydanına yüyürürdü. Ərzaq satan dükanlar, çayçı, aşpaz və çörəkçi dükanları, hətta qüsl edən müsəlmanlara hər dəqiqə lazım olan hamamlar belə qapalı idi. Həzrət Sahib məscidinin həyətinə girmək üstündə Təbriz camaatı bir-birinin başını yarırdı. Məscidlər, məscidin həyəti və Sahibüləmr meydanı camaatla dolmuşdu. Məsələdən xəbəri olmayanlar imam zühur etdiyini bir-birinə söyləyir, bir-birinin əlini sıxır və təbrik edirdi. Bir-birinin malını oğurlayanlar, bir-birinə yalan deyənlər, bir-birinin ayağından çəkənlər halallaşır, bir-birindən üzr istəyir, barışır və razılıq alırdı. «İmam zühur etdi və dünyanın şəkli dəyişirə, – deyə bir çoxları oğurluq malları da sahiblərinə qaytarırdı. Lakin bütün bu hərəkət ancaq aşağı təbəqənin, avamın arasında idi, bunlar ciblərindəki və evlərindəki şeylərini, nəqd pullarını ehsan verir və fəqirlərə paylayırdılar, çünki «imamın zühurundan sonra hər bir şey Təbrizdə salavata satılacaqdı, çörəyi, qəndi, çayı, əti, yağı və sair şeyləri bir neçə salavat çevirməklə almaq mümkün olacaqdı. Bu şayiələr aralıqda gəzirdi. Lakin şey sahibləri hələlik mallarının salavata satıldığını xəyallarına belə gətirmirdi, onlar dükanların və anbarların qapısına qıfıl vurub, qabağında da əli silahlı qarovul qoymuşdular. O qıfıllar elə möhkəm qifillar idi ki, İmami-zamanın özü deyil, heç on bir babası da gəlsəydi, aça bilməzdi. Mən Sahibüləmr meydanına getdim. Məni ingilislərin fırıldaqları deyil, Sahibüləmr məscidinin qarşısına toplaşanların söhbətləri daha artıq maraqlandırırdı. – Məşədi ağa, insan ki var, çayizəlxətadır. Əlli beş tümənin şüğlzimməliyi boynumdadır. İstəyirsən bu saat gedək əlli beş tüməninə evimdən şey götür. İstəmirsənsə, dəstamazımı alım, həzrət Sahibüləmrin hüzurunda beş salavat çevirib savabını ölənlərinə verim. – Necə yəni beş salavat! Hələ heç bir zad yoxdur, şəhərə bahalıq salmağa başlamısan kıl – Sənin sözünə görə, yəni salavatın birisi on tümən bir qrandan əskiyəmi satılacaqdır? Eybi nədir, günün məzənnəsinə görə salavatını al! – Önü nə sən bilirsən, nə də mən... Bu, həzrətin özündən asılıdır, salavatı neçəyə qiymət edərsə, o qiymətə də hesab edərik. – Kəblə Səfərəli, bax, sənə də bir cüt başmaq şüğlzimməliyim vardır. Nə istəyirsən verim, təki həzrətin yanına üzüqara gəlməyim. – Kəblə Qulaməli, bir fitənin nə qiyməti vardır ki, məni bədbəxt eləyirsən? Sənin hamamından bir fitə oğurlamışam, kasıblıq idi. Bir qələtdir eləmişəm, günahımdan keçi İmamın hüzuruna günahkar çıxmayım. – Ağa Cəfər, bir süpürgənin əvəzinə gəl iki süpürgə verim. Bu cür söhbətləri hər tərəfdən eşitmək olurdu, amma tacirlərdən, varlılardan və mülkədarlardan heç bir səs eşidilmirdi. Heç bir səs demirdi ki: «Ey filankəs, məni bağışla, arvadına evlənmək üçün qardaşını öldürmüşəmə. Heç bir nəfər demirdi ki: «Məni halal elə, hiyleyi-şəri düzəldib kəndini almışam, evinə sahiblənmişəm, pul müamiləsinə var-yoxunu Əlindəh çıxarmışam...) və s... Söhbətlər çox uzun çəkdi, axırda məlum oldu ki, imam zühur etməmişdir, ancaq imamın Şeyx Əbdüləzəlin kisəsinə qoyduğu qızıldan birisini gətiriblər, pulu ziyarət etmək üçün camaat Sahibüləmr məscidinə yığılmış imiş. İmamın zühur etməməsi xəbərindən öz günahını boynuna alanlar qazanmadı. Əlli beş tümən sahibi öz pulunun əvəzinə on salavat çevirmək istəyənin yaxasındant tutub: – Ver bura mənim əlli beş tümənimi, oğru qırışmal, sənin özün nəsən ki, salavatın nə olsun? Kəblə Səfərəli də başmaq oğurlaynın ayağından başmaqlarını çıxardıqda: – Çıxar başmaqlarını, haramzadə köpək oğlu, sənin kimi oğrularin üzünə imam zühur etməz! - deyirdi. Hamamçı da öz fitəsinin əvəzinə fitə oğurlayanın qurşağını belindən açırdı. Ağa Cəfər də süpürgə oğrusundan çığırda-çığırda iki qranını çıxarırdı. Bu cür vuruşmaları Sahibüləmr meydanının hər tərəfində görmək olurdu. Axşam saat 9-a qədər bu vuruşmalar davam etdi. Camaatı məs- «idin qabağından dağıtmaq mümkün deyildi. Kisəsini bərəkətləndirmək üçün yüzlərlə adam şeyxin göndərdiyi qızılı kisəsinə salıb çıxarmışdı, lakin bu csəadəbə bir çoxlarına qismət olmamlışdı. İngilislərin və çar konsulunun düzəltdiyi bu macəra hələlik müvəffəqiyyətlə irəliləməkdə idi. Axşam saat 11-də Məşədi Kazım ağa gəldi, basabasda başmağınin bir tayı ilə bərabər börkünü itirmişdi. Mən ona: – Məşədi Kazım ağa, söhbətlə görəknə gördün? - dedikdə o gülərək: – İmam-zamanı hələ görməmişdən bir tay başmaq ilə börkümü itirdim, özünü görsəydim, yəqin ki, evə lüt gələcəkdim, – dedi və qəhqəhə ilə güldü. – Pulu gördünmü? Nə cür pul idi? Pul qızıl puldur. İran əşrəfiləri böyklüyündədir. Bir tərəfində Qaimül-Məhəmməd, o biri tərəfində isə «Zər» Filbəldətü-Samiriyyə) sözləri yazılmışdır!. Heç şübhə yoxdur ki, bu paralar ya Londonda, yainki çar Petroqradının sikkəxanasında kəsilmişdi. Şeyx Əbdüləzəl Müəyyədin özünə məxsus şeyləri iki ata yüklənmişdi. Şeyxin özü və onun yoldaşları ata yüklənmiş şeylərə o qədər də əhəmiyyət vermirdilər. Şeyxin bütün diqqəti öz boynuna həmail etdiyi Quranda idi. Şeyx boynundan asdığı bu Quranı heç vaxt yerə qoymurdu. O oturduğu və söhbət etdiyi, hətta şam yediyi zamanda da onu öz yanında dolandırırdı, ancaq su başına çıxdığı zaman, yanındakı Quranı öz xidmətçisi olan bir hindliyə tapşırırdı. Şeyx Əbdüləzəlin qafiləsi Payintağ” kəndindən təzəcə köçmüşdü, qafilə hələ Miyartağa çatmamışdı. Şeyx Əbdüləzəlin gəcavəsini daşıyan atın ayağı sürüşdü. Şeyx kəcavə ilə bərabər yıxıldı, Kəcavəni tutmaq və şeyxi mühafizə etmək üçün hər tərəfdən köməyə gəldilər. Şeyxi bizim tərəfimizdən təqib edən Salah Müseyiboğlu da hamıdan qabaq ona yanaşdı və şeyxin qolundan tutub qaldırmaq I Yəni Samiriyyə şəhərində kəsilmişdir. ? Sərpul ilə Kirmanşah arasında bir kürd kəndidir. bəhanəsi ilə boynundan açdığı Quranı kəsdi və özünü meşəyə salıb aradan çıxdı. Şeyxi qaldırıb kəcavəyə qoydular. Onu gətirmək üçün gedən dini heyətin üzvləri kəcavənin sağında, solunda piyada olaraq gedir və şeyxi mühafizə edirdilər. Hələ o qədər gedilməmişdi ki, şeyx həyəcanlı bir surətdə səsləndi: – Saxlayın kəcavəni! – Kəcavəni saxladılar, qafilə dayandı. Şeyx bir daha yanındakılara müraciət edərək: – Allahın kəlamını itirmişəm! Qayıdın, bəlkə onu yıxıldığım yerdə salmışam. Onu axtarmaq lazımdır, – deyə qışqırdı. Şeyx özü də kəcavədən düşdü. Hava hələ işıqlanmamışdı, gün çixana qədər dayandılar, hər tərəfi axtardılar, lakin heç bir şey tapılmadı. Şeyx Əbdüləzəl Müəyyəd Təbrizə getməkdən boyun qaçıraraq: – Görünür ki, həzrət Sahibüləmr təbrizlilərin gözünə görünməyi məsləhət görməmişdir, siz günahkar xalqsınız, Allahın kəlamı sizin ortalığınızda yox oldu. Bu söz dini heyətin hissiyyətinə toxundu, onlar bir-birinin şeylərini və üst-başını o ki, lazımdır axtardılar, lakin bir şey əldə edə bilmədilər. Qafilə xalqı şeyxə müraciətlə: – Atamız, anamız sənə fəda olsun, bəlkə də, Allahın kəlamı Payintağdakı mənzildə qalmışdır? – dedikdə Şeyx: – Mən bilirəm ki, oradan hərəkət edəndə kəlami-şərif mənimlə barəbər idi, Sizin şübhəniz qalmamaqdan ötrü yenə də Payintağa adam göndərmək lazımdır, – dedi və şeylərin dalınca bir nəfər çaparı göndərdilər. Müseyib isə şeyxin həmallini götürdükdən sonra onu yoxladı və lazım olan vəsiqələrin əldə edildiyini gördükdə birbaşa Təbrizə yola düşdü və Şeyx Əbdüləzəl Müəyyədin qafiləsindən səkkiz gün əvvəl Təbrizə çatdı. Şeyxin həmailindəki vəsiqələr olduqca mühüm vəsiqələr idi. Həmaildə Quran və sairə dini kitablar yox idi. Orada şeyxin vəsiqələri və iş planları idi, bunun üçün şeyx daim onu öz yanında gəzdirir və heç bir kəsə etibar etmirdi. Şeyxin vəsiqələri ingilis və ərəb dillərində idi. Şeyxin rəngi və çöhrəsi, özünün avropalı olmasını göstərirdi. Həmaildə tapılan vəsiqələrin birisində şeyxin Afrikada Hürran şəhəri xaçpərəst ərəblərindən (or) Tüyuş adında bir ingilis missioneri olduğu meydana çıxdı. Şeyx Londonda xəfiyyəçilik məktəbini bitirdikdən sonra Sudanda və Misirin Qradan və Mənfis şəhərlərində bir neçə il müsəlmanlar arasında ruhanilik etmiş, nəhayət, dünya müharibəsi başlandığı vaxt Misirdə ingilis xəfiyyə təşkilatından aldığı əmrə əsasən Bağdad şəhərinə gəlmiş, orada fəaliyyətə başlamışdı. Şeyx tək deyildi, onun ətrafında on beş nəfər də başqa ruhanilərin adları yazılmışdı. Şeyx Əbdüləzəlin xüsusi katibi Ağayi Nəhavəndinin adını miss Hannaya oxuduğumuz zaman o güldü və Amerika konsulxanasında olan alman xəfiyyələrinin cədvəlinə baxaraq dedi: – Nəhavəndi İran qaraçılarındandır. O, 1889-cu ildə Urmuda alman missioneri Rozenin yanında nökər olmuş və onunla bərabər Almaniyaya getmişdir. 1905-ci ilə qədər Almaniyada təhsil almış və iranlı olduğu üçün Almaniya xəfiyyə təşkilatları tərəfindən Kərbəla və Nəcəfə elmi-ilahi təhsilinə göndərilmiş, 12-ci ildə «Ağayi Nəhavəndib ləqəbi ilə müctəhid olmuşdur. Əsl adı Səlimdir. Ataanası məlum deyil, Urmuda almanların açdığı yetimxanada böyümüşdür. Ağayi Nəhavəndi alman xəfiyyə təşkilatının tapşırığına görə ingilis xəfiyyə təşkilatında xidmətə girmişdir. Təbrizə gələn bu ingilis xəfiyyəsinin başındakı ruhanilərin içərisində osmanlı mənfəətinə çalışan Şeyx Yəhyayi Hilvi, rus mənfəətinə çalışan Mirzə Hüseyn Yəzdi və sairələri də var idi. Biz ancaq Təbriz xalqına Şeyx Əbdüləzəl Müəyyədin simasını göstərməyə və onların kimlərə aldandığını aydın etməyə çalışırdıq. Şeyx hələ Təbrizə gəlməzdən əvvəl biz heç bir iş görməməli idik. O gəlməmişdən qabaq onu ifşa etmək yaramazdı, ola bilərdi ki, ifşa edildiyini eşitdiyi zaman Təbrizə gəlməz, qayıdıb Bağdad şəhərinə gedərdi. Bunun üçün biz də hazırlıq aparırdıq. İntibahnamələri, vərəqələri hazır edirdik, şeyxin Londonda oxuduğu zaman ingilis qiyafəsindəki rəsminin klişesini düzəldirdik. Onun xəfiyyə məktəbi qurtardığına aid diplomun fotosunu aldırdıq. Onun Misirdə ikən boynunda xaç olaraq aldırdığı bir rəsmini də klişe etdirmişdik. Nəhayət, onun Bağdadda, Samiriyyədə, hətta İran sərhədini keçirkən əmmaməli alınmış rəsminin də klişesini çıxarmışdıq. Bir çox vərəqə və intibahnamələri Şeyxin Misirdə xaçpərəstlikdə, Londonda xəfiyyə məktəbində, Bağdadda isə ruhanilikdə aldırdığı şəkillərlə bəzəmişdik. Şeyx Təbrizə gəlincəyə qədər bizim bütün hazırlıq işlərimiz qurtarmışdı. Nəhayət, mən sərdar Rəşiddən belə bir məktub aldım: “Şeyx Əbdüləzəl Müəyyədin istiqbalına getmək üçün düzələn siyahıda sizin və Ağayi Məşədi Kazım ağanın da ismi-şərifləri vardır. Rica edirəm ki, bu dəvəti rədd etməyəsiniz. Sərdar Rəşidə. Bazar-dükan bağlanmışdı, lakin bu çox da təəccüblü deyildi, çünki İranda adi bir adam belə Kərbəla və yaxud Xorasan ziyarətindən gəldiyi zaman camaat bazar-dükanı bağlayıb onun istiqbalına gedirdi. Lakin Şeyxin istiqbalına gedənlərin sayı daha çox idi. Şeyxin Kovkan şəhərindən hərəkət etdiyinə dair teleqram alındığı zaman, Təbriz camaatı arvad-kişi Sərdrud kəndinə doğru axıb gedirdi. Kəci! qəbiristanından başlamış, Yanıq və Goran tərəflərinə qədər yolun hər iki tərəfi camaatla dolu idi. Biz Məşədi Kazım ağa ilə faytonda getdiyimiz zaman uzunqulaq, fayton, araba və atla istiqbala gedənlərin qalın dəstələrini yarıb getməyə məcbur olurduq. Yolda yorulanlar dincini alır, acmışlar süfrəsini açıb çörək yeyir, üşümüşlər tonqal düzəldib qızışır, eyni zamanda dərvişlər də oxuyur, kəşkülünü onun-bunun qarşısında tuturdu. Biz Sərdrud kəndinə yetişdiyimiz zaman Azərbaycan valisi» sərdar Rəşid də avtomobillə şeyxin istiqbalına gəlmişdi. Kəndin damları, küçələri, meydanlar, bazarçalar camaatla dolu idi. Yaxın kəndlərin avam camaatı şeyxin üzünü görmək üçün Sərdrud kəndinə yığışmışdı. Şeyxi Təbrizə təntənə ilə daxil etmək üçün bütün hazırlıqlarla bərabər bir də təzə fayton gətirmişdilər. Lakin şeyx o təntənənin heç birisini qəbul etmədi, faytona da minmədi, öz gətirdiyi «taxt-rəvamə ilə Təbrizə daxil olmasını arzu etdi. Kütlələr şeyxi görmək istəyirdi, lakin heç kəs buna nail ola bilmədi, çünki: «Müqəddəs adamların murdar və günahkar xalqa görünməsi günahdırə deyə o, başını taxt-rəvandan dışarı çıxarmadı. Camaatın həyəcanını onların təkrar-təkrar salavat çəkdikləri göstərirdi. Nəhayət, şeyxin katibi Ağayi Nahavəndi başını taxt-rəvandan dışarı çıxarıb səsləndi: – Əyyühəmnasl Həzrət Əbdüləzəl Müəyyəd sizə Qaimül-Məhəmməd tərəfindən gətirdiyi salamı təqdim edir. Bu sözdən sonra gurultu, salavat səsləri ucaldı və dərhal taxt-rəvanı daşıyan qatırların ayağı altında 40 qoyun qurban kəsildi. kkok Şeyx Əbdüləzəl Müəyyədin qafiləsi təntənəli bir surətdə Təbrizə daxil oldu. Taxt-rəvan müctəhidlərin, şəhər əyanlarının arasında gedirdi, bütün küçələrdə qurbanlar kəsilirdi. Şeyxi istiqbal edənlərin içərisində faytonlarda gedən əyanlar və aristokrat qadınları da var idi. Ağ uzunqulaqlara minmiş üzü ağ pərdəli qadınlara da tez-tez təsadüf edilirdi. Salavat və €Ya Əlibə səslərinin içərisində, uzunqulaqların cilovundan tutub çəkən nökərlərin €Xəbərdar! Xəbərdarlp səsləri də eşidilirdi. Dar küçələrdən, dolaşıq döngələrdən keçmək mümkün deyildi, nəhayət, axşam qaranlıq düşəndə ağanın qafiləsi Mirzə Həsən ağanın qapısında dayandı. Şeyx burada mənzil edəcəkdi. Taxt-rəvan dayanan kimi Hacı Mirzə Həsən müctəhid və Mirzə Kazım ağa imamcümə Şeyx Əbdüləzəl Müəyyədin qolundan tutub taxt-rəvandan düşürdülər, salavat səsləri altında içəri apardılar. Gecə çox soyuq idi, buna baxmayaraq, Mirzə Həsən ağanın evinin ətrafında minlərlə adam ayaq üstündə gecələyirdi. Şeyx Əbdüləzəl Müəyyəd ayağını qoyduğu yerlərin torpağını qadınlar bir qarış qədər qazıyıb götürmüşdülər. Gecə səhərə qədər Təbrizin, xüsusən də Dəvəçi məhəlləsinin küçə bazarçaları açıq idi, camaat yatmaq istəmirdi, çünki «İmam-zamanın? yanında gələn və Təbriz xalqına imamın zühuru xəbərini gətirən Şeyx Əbdüləzəl Müəyyəd sabah həzrət Sahibüləmr məscidində camaat namazı qılacaq idi. Buna görə də şeyxi yaxından görməyə maraqlanan avam təbəqələr axşamdan bəri evinə getməyərək məscidin həyətində və qapısında sübhün açılmasını gözləyirdi. Lakin avam təbəqələrin və eyni zamanda ingilis və çar konsulxanalarının bu arzusu həyata keçə bilmədi, çünki artıq bizim intibahnamələr havadan yağan qar kimi Təbrizə yağmışdı. Divarlar, məscidlərin, hamam və karvansaraların qapıları, tinlər, döngələr, bəndərlərin hamısında bizim intibahnamələri görmək olardı. Şeyx Əbdüləzəl Müəyyəddin hər libasda olan şəkli, onun vəsiqələri, onun vaxtı ilə Təbrizə gələn Çarlz Vilyam adlı nümayəndəsi və onun şəxsiyyətinə aid bütün sübutları Təbriz divarlarında oxumaq mümkün idi. Konsulxanaların qapısına yapışdırmaq üçün xüsusi intibahanmə çap etdirmişdik. İngilis konsulunun qapısına bu məzmunda bir itibahnamə atılmışdı: eCənab konsul! İmamı zühur etdirmək macərası artıq köhnəlməyə başlamışdır, çünki sizin cdemokratikə hökumətiniz bu fırıldağı Afrikada və Şərqın başqa-başqa məmləkətlərində bir neçə kərə həyata keçirmişdir. Siz Şərq xalqının dinçi və mövhumatçı olduğundan istifadə edərək imam zühurundan başqa, peyğəmbərlər də yaratdınız, siz Bab və Bəhanın islamiyyətdə müəyyən bir təriqətin banisi olaraq aralığ çıxdığı zaman ona peyğəmbər libası geyindirib islam xalqları içərisində təfriqə yaratmağa çalışdınız. Lakin bu silahınız da köhnəlmişdir, hazırda Şərq xalqları Bab və Bəhanın bir dini müəssisəsi deyil, ingilislər əlində alət olduqlarını anlamışlar. Hazırda nə sizin hərranlı xaçpərəst ərəb /or) Tüyuşu Şeyx Əbdüləzəl Müəyyəd donuna saldığınız, nə də Londonda Laurensin xəfiyyə məktəbini bitirən Çarlz Vilyamı Ağayi Rübnüma donuna salıb, Təbrizə göndərmək kimi firıldaqlarınız müvəffəqiyyət qazanmadı. Sizin saxta şeyxinizin yanında katiblik edən Ağayi Nəhavəndilərin də siması bizə məlumdur. Hərgah bu sizə kömək etmək kimi məna edilməsəydi, biz Nəhavəndilərin tərcümeyi-halını sizə bildirər və sizin Şərq peyğəmbəri olan Laurensin çox da mahir bir şeytan olmadığını sizin üçün aydın edərdik. Xalqın avamlığından istifadə edib onu əsarətə almaq istəyən və eyni zamanda özünü dünyanın ən cdemokratikə hökuməti hesab edən ingilislərə ar olsun! Bu gündən Təbriz İnqilab Komitəsi sizə elan edir ki, fırıldaqçılarınızı Təbrizə yox, ƏrəbistandaYəmən, Nəcd, Eysər səhralarına, oradakı vəhşi qəbilələrin içərisinə aparın! Hərgah Təbriz xalqı məğlu» olub sizin və çar hökumətinin müstəmləkə siyasətinə təslim olursa, o da özünün acizliyindən yox, başçılarının və hökumət adamlarının xəyanətindəndir. İnqilab Komitəsi». Bu intibahnamədən başqa şəhər xalqına da bir müraciət çap etdirdik. Şəhər xalqında dönüş yaratmaq üçün əlimizdən gəldiyi qədər çalışdıq. Vərəqələr və Şeyx Əbdüləzəl Müəyyədin cürbəcür şəkilləri əldən-ələ gəzirdi. Xüsusən Sahibüləmr məscidinin həyətinə dağıdılan vərəqələr camaatın təəccübünə səbəb olmuşdu. Şeyxi camaat namazına gözləyən və imamın zühuruna inanan avamlar sanki birdən-birə yuxudan ayılmışdı. Onlar sanki keçən günləri həyatda yox, yuxuda görürdülər. Şəhər polisinə, intibahnamələri oxuyan camaatı dağıtmaq əmri verilmişdi. Lakin bu əmr kömək etmədi, çünki polislərin özü də bununla maraqlanır və divardakı yazıları oxumağa və öyrənməyə çalışırdı. Günorta namazına və şeyxin məscidə gəlməsinə az qalırdı, keçən gecədən yuxusuz qalmış xalqın bir çoxu vərəqələri oxuduqdan sonra dağılıb evlərinə getmişdi. Nəhayət, saat, 12-də məscidin qapısına belə bir elan vuruldu: Bu gün Şeyx Əbdüləzəl Müəyyəd xəstələndiyi üçün camaat namazına gəlməyəcəkdirə. Həyəcana gəlmiş xalq şeyxi evdən çəkib cəzalandırmasın deyə Mirzə Həsən ağanın məscidinin ətrafına sərbaz qoyulmuşdu. Biz Məşədi Kazım ağanın evində yığışıb öz müvəffəqiyyətimizin bayramını edirdik. Ninanı gözləyirdik. O hələ konsulxanadan qayıtmamışdı. Bugünkü hadisələrin konsulxanada nə kimi təsir bağışladığı ilə maraqlanırdıq. Nina saat 4 tamamda gəldi və qabaqca mənim əlimi sıxaraq: – Bugünkü müvəffəqiyyətinizi təbrik edirəm! – dedi. – De görüm konsulxanada nə kimi vəziyyət törənmişdir? – deyə soruşdum. – İngilis konsulu həyəcan içərisindədir. O, əlindəki kağızı göstəri» general-konsula etiraz etdi. İngilislər çar konsulxanasının yerli hökumətə təsir edə bilmədiyini, öz nüfuz məntəqələrindəki ixtiyarlarından istifadə etməyi bacarmadıqlarını söyləyərək, öz narazılığını bildirdi. Konsul Mirzə Ələkbər xan və Mirzə Fətulla xanla bərabər ingilis konsulunu yola saldıqdan sonra: – Afərin belə təşkilata! – dedi. – Olduqca ehtiyatkar işləyirlər, Təbrizdə qorxulu bir qüvvə mövcuddur, burada çalışqan bir hökumət olmayınca gizli əlləri aşkara çıxarmaq mümkün olmayacaqdır. Konsul bu sözləri dedikdən sonra sərdar Rəşidi telefona çağırdı. Nina sözünü bitirdikdən bir neçə dəqiqə sonra telefonun zəngi vurdu, sərdar Rəşid ikinci çayı içmək üçün bizə gələcəyini bildirdi. * * * Vəliəhd gəlir Çar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi. İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər. Hələ 1915-ci il yanvarın 18 və 20-də xariciyyə naziri Sazonov Qafqaz canişini Vorontsov-Daşkova və Tehrandakı çar səfiri Etterə vurduğu teleqramında, vəliəhdin Təbrizə gəlməsinə razı olmadığını bildirmişdi. Bu teleqramda Sazonov sərdar Rəşidin Təbriz hökumətində qalmasını məsləhət görür və bunu da İran hökumətindən tələb edirdi. Bu barədə Təbriz general-konsulu sərdar Rəşidi təbrik edərək: – Rusiya sizin Təbrizdə qalmağınızı lazım bilmişdir, cənab Sazonov bu barədə Tehran səfiri vasitəsilə İran hökumətinə xəbər vermişdir, – demişdi. Axşam sərdar Rəşid Mahrunu da götürüb bizə gəlmişdi. O, hər bir söhbətdən qabaq, həmişə olduğu kimi dedi: – Cənab general-konsul bəndəni yanına çağırmışdı, tapşırdı ki, yerinizdə möhkəm oturun, çar hökuməti ancaq sizin idarənizə inanır. İndi hökumətin dostluğunu ancaq siz möhkəm bir surətdə davam etdirə bilərsiniz. Vəliəhdin Təbrizə gəlməsi doğru olsa belə, peşəkar” yenə də siz cənab olmalısınız. Mən sərdar Rəşidi bu xəbərdən təbrik etməklə bərabər, dediklərinin də heç birisinə inanmırdım, çünki miss Hama vasitəsilə Amerika konsulxanasından aldığım məlumat onun dediklərinin tamamilə əksinə idi. Çar konsulu yaxşı bilirdi ki, sərdar Rəşidi iş başında saxlamaq mümkün olmayacaqdır. Ruslar vəliəhdin peşəkarlığına əvvəlcə sərdar Rəşidi təklif etdilər. Lakin İran hökuməti bunu qəti rədd etdi, nəhayət, xariciyyə naziri Sazonov rusların parası ilə yaşayan şahzadə Fərmanfərmanın namizədliyini qoydu. İran hökuməti Azərbaycana öz inanılmış adamlarını qoymaq üzərində ciddi mübarizə apardığından vəliəhdin peşəkarlığına, rus əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü təyin etdilər. Təbiidir ki, mən bunları sərdar Rəşidə deyə bilməzdim, çünki o öz mövqeyindən naümid olduğu üçün təlaşa düşər və bizim sirlərimizi çar hökumətinə verməklə öz mövqeyini müdafiə etmək istərdi. Bunun üçün də mən ona təsəlli verməklə: – Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz, – dedikdə öz xalqının xaini və öz millətinin əleyhinə işləyən bu casus dərindən bir ah çəkərək: – Siz çar hökumətini tanımırsınız! – dedi. – Onlar bir nəfər sərdar Rəşiddən ötrü bir hökumətlə baş-başa vurmazlar. Hacı Səməd xan bütün aləmi onlar üçün qırıb məhv etdi, axırda nə kimi mükafat aldı? Onlar məni də Hacı Səməd xan kimi mükafatlandıra bilərlər, çünki artıq mən onlara lazım deyiləm! Mən yenə də çar agentinin bu sözlərini təsdiq edə bilmədim, çünki onun vicdanı mənim üçün aydın idi, o özü dediyi sözlər mənim adıma bağlayaraq konsula xəbər də verə bilərdi. – Səhv edirsiniz, – dedim, – siz özünüzü Hacı Səməd xanla müqayisə etməyin, siz çarın cUqab səfidə. nişanını daşıyırsınız, çar hökuməti onu hər adi və sadə adamların döşünə taxmazl Siz məni eşidin, çar hökuməti o nişanın xatirəsi üçün sizi hər zaman və hər ehtimala qarşı müdafiə edər. Tutalım ki, vəliəhd gəlir, qoy gəlsin: şükür Allaha, möhtac ki, deyilsiniz. Rusiyadan böyük miqdarda təqaüd alırsınız. Siz vəzifə olmadan da yaşaya bilərsiniz. İran hökuməti də sizi vəzifəsiz qoymayacaqdır. Sərdar Rəşid yenə də ah çəkdi. – Doğru deyirsiniz! Hərgah əvvəlki vaxtım olsaydı, ömürlük işləməsəydim, yenə bir kəsə ehtiyacım olmazdı. Bir kürur” dövlətimi apardılar. İndi heç bir şeyin sahibi deyiləm! Mən yenə də ona təsəlli verdim. 1 £Ağ oryolb. 2 Kürur -— bir milyon manat. – İndi elə bir zamandır ki, bir həftənin sözünü danışmaq caiz deyil: vəziyyət hər an və hər dəqiqə dəyişə bilər. Mən həzrət əşrəfə belə məsləhət görürəm ki, vəliəhd Təbrizə gəlsə də, heç bir işə qarışmayıb, çəkilib öz evində otursun. – Mən də bu cür düşünürəm. Oturub görək işin axırı necə olur. Bir azdan sonra Nina gəldi, çünki Mahru sərdar Rəşid bizə gələn kimi Ninanı çağırmaq üçün adam göndərmişdi. Nina gələn kimi söhbətin mövzusu dəyişdi. Sərdar Rəşid onu gördükdə yenə də öz sevgilisi İraidanı xatırladı. – Doğrudan da, elə bildim ki, İftixarissoltan içəri girdi, – dedi və fikrə getdi. Sərdar Rəşidə təzəcə qəlyan vermişdilər ki, evindən telefon etdilər. O bizimlə vidalaşıb getdikdə: -Hökumət dairəsindən çağırırlar, – dedi. Biz ona inanmadıq, çünki onu çar konsulu çağırırdı. Təbrizdə ingilis və çar hökumətinin ifşa edilməsi sərdar Rəşidin vəziyyətini bir daha ağırlaşdırmışdı, o, çıxılmaz vəziyyətdə idi. O bizi yaxşı tanıyırdı, bütün bu işlərin bizim tərəfimizdən ifşa edildiyini bilirdi, lakin bunu açıb bir yerdə deyə bilmirdi, çünki özü də bu işlərdə iştirak etmişdi. Mahru və Nina mənim yazı stolumun yanında oturmuşdu. Bu günlər özümü olduqca rahat hiss etdiyimdərn bu iki qızla bir an oturüb söhbət etmək və hallarını soruşmaq istəyirdim. Ninanın yaşadığı ev, mən özüm yaşadığım binada olduğuna baxmayaraq, son vaxtlar onunla şəxsi söhbətlər üçün vaxt tapa bilmirdim. Onun kimi də Mahrunun sərdar Rəşidin evindəki vəziyyətindən xəbərim yox idi. Mən onların vəziyyətini düşündüyüm zaman hər ikisi kirpiklərini bir-biri üzərinə töküb baxırdı. Mən onların İran inqilabına göstərdiyi məsul və ağır xidmətlərini bir-bir xatirimdən kçirirdim. Bu qızların hər ikisinin 11-ci illərdə alınmış şəkilləri yazı stolunun üstündə idi. Mən bir onların özlərinə bir də şəkillərinə baxıb müqayisə edirdim. Onların nə qədər dəyişdiklərini gördüyüm zaman özüm hiss etmədən belə başıma hərəkət verərək: – Gəncliyi çeynəmək üçün, -— dedim, – hadisələrin dişləri bir «əlladın silahından daha kəskindir! Nina bu sözümdən təəssüflü bir surətdə gülümsədi və mənim üzümə baxdı. Mahru isə özünəməxsus bir hərəkətlə qara kirpiklərini bir-biri üzərindən qaldırıb, titrəyən göz bəbəklərini dolandırıb mənə baxdı və dedi: – Elədir, qardaşım! Xəyal və düşüncə insanların daxili düşmənidir. Bir cəlladın iti silahı qarşısından qaçmaq mümkündür, lakin minlərlə kədərlərdən süzülüb qəlbə dolan fikirlərin silahı qarşısından qurtarmaq mümkün deyildir. O kimi kədərlər insanları zəhərlə yox, şəkər xəstəliyi tutan xəstələr kimi şəkərlə zəhərləyib öldürür, onun varlığını gündən-günə əridir. Sən bizi gözdən keçirdiyin və bizim şəkillərimizə baxdığın dəqiqələrdə mən sənin qəlbini oxuyurdum, sən bizim dəyişib-dəyişmədiyimizi müqayisə edirdin. Mən bütün xalqın azadlığını, səadətini istəyirəm. Bu yolda öz həyatımı təhlükə və uçurumlar qabağına atmağa hazıram, bunu qardaş özü də gözəlcəsinə bilir, lakin mənim özümün xalq üçün istədiyim səadətdən, xalq üçün dilədiyim azadlıqdan heç bir payım yoxdur. Mən yenə də əsirlikdə, həqarət içərisində, gecələri səhərə kimi qorxulu fikirlərin pəncəsində sərdar Rəşidin işgəncəsi altında yaşamaqdayam, bunların nəticəsində də, əlbəttə, sən dediyin kimi olacağam. Mən özüm də hiss etmədiyim halda ağzımdan çıxardığım söz Mahrunun çoxdan bəri danışmaq istədiyi dərdlərini coşdururdu. O da öz sözlərini dedikdən sonra yenə də kirpiklərini bir-birinin üstünə töküb oturmuşdu. Mən onları bir daha nəzərdən keçirdim, onların hər ikisinin çöhrəsində gəncliyi göstərən nişanələr bitir və qızlığa məxsus şad baxışlar sönüb gedirdi. Xüsusən Nina tamamilə dəyişmişdi. Onun çöhrəsi ağır bir ailəni idarə edən yorğun bir qadının baxışlarını andırırdı. Son vatlar o, əvvəldə olduğu kimi özünün qeyri-müəyyən olan həyatından da şikayət etmirdi. O, bir tərəfdən mənim ağır vəziyyətdə olduğumu hiss edir, o biri tərəfdən də öz məsuliyyətli vəziyyətinin ağırlığı nəticəsində öz həyatı və öz sevgi məsələlərindən söz açmağa macal tapmırdı, ancaq mən bir təhlükə qarşısında olduğum zaman o: – Sənə bir şey olmayaydı, – deyib ağlardı. Artıq bir-birinin təqib edən qorxulu hadisələr onun əsəblərini möhkəmlətmişdi, qız inqilab cəbhəsində vəzifə daşımağa adət etmişdi. İstər Mahru, istərsə Ninada gördüyüm bu mətanət, bu qırılmaz iradə bəzən mənim özümə də qüvvət verir və mübarizədəki inadımı artırırdı. Mən bəzən mübarizəni qurtarıb Təbrizdən çıxmaq istədiyim zamanlarda Mahru sanki mənim qarşımda durub, «Mübarizədən qorxdunmu?ə) – deyə mənə gülürdü. Mən bu fikirlərdən sonra başımı qaldırıb onların hər ikisinin əllərini tutaraq: – Bizim qazandığımız zəfərlər kütlələrin iradə və mətanətindən doğan bir məhsuldur. Bu zəfərlərin tarixində, müharibə səngərlərində can verən altmış nəfər Təbriz qadını ilə bərabər Zeynəbin, Mahrunun və Ninanın da adı yazılacaqdır. Mən hərgah bir yazıçı, bir romançı olsaydım, qadınlar haqqında böyük romanlar və poemalar yazardım, çünki Təbrizdə apardığımız mübarizədən aldığım təcrübələr mənim üçün böyük həqiqətləri göstərdi. O həqiqətlər, bəzi qadınların kişilərdən daha möhkəm olmasından ibarətdir. Mən Təbriz müdafiəsində köpək səslərindən hürkən kişiləri gördüyüm kimi, sağ-solunda partlayan top mərmilərinin dəhşətinə soyuqqanlı baxan qadınları da gördüm: əl bombaları tutub düşmən tərəfə atan Zeynəbi də xatırlayıram. Mahru bir daha göz qapaqlarını qaldırıb dedi: – Ölənlər namusla öldü, sağ qalanlar isə görək həyatlarını namusla başa çatdıra biləcəklərmi? – Bu barədə düşünmə, Mahru. Mən səni anlayıram, sən öz həyatını namus və şərəflə başa çatdıracaqsan. – Buna ümidim yoxdur. – Mahru ümidsiz bir halda dedi. – Vəliəhdin Təbrizə gəlməsi, sərdar Rəşidin Təbrizdən yığışıb Tehrana getmək istəməsi mənim fəlakətimi daha da dərinləşdirir. Sən onun danışdıqlarına əhəmiyyət vermə. O sizin başınızı aldadır. Tehrana gizlincə hərəkət etmək hazırlığını görür, ayıq olun, o sizi burada da sata bilməsə, Tehranda satacaqdır. – Çox razıyam, Mahru. Onu mən də düşünürəm. Sərdar Rəşidin məsələsi də bizim boynumuzda bir yükdür. Bu ağırlığın altından nə cür çıxa bilmək barəsində dərindən düşünmək lazımdır. Nina danışmırdı. Məncə, Ninanı düşündürən bir cəhət varsa, o da özünün həyatına və mənimlə olan əlaqəsinə müəyyən bir şəkil verə bilməməsindən ibarət idi. Heç cür məna edilməz və hər bir təxmindən kənarda duran bu həyat, yeddi ildən bəri davam edirdi. Bu həyatı bir ailə həyatı kimi düşünənlər də səhv etmirdi, çünki Nina ilə olan dostluğumuz və məfkurəvi əlaqəmiz bizim barəmizdə səhv düşünənləri haqlı çıxarırdı. O, heç bir söz danışmırdı, çünki özünün bu həyata qarşı bəslədiyi dərin etirazları olduğu kimi, bunları ifadə üçün təzə bir kəlmə tapa bilmirdi. Mən onun bu sükutunu pozmaq istəmədim, yenə də Mahruya: – Sən ayıq ol, sərdar Rəşidin hərəkəti haqqında bizə xəbər ver, – dedim. – Onunla bərabər heç bir yerə getmə. Nicat günləri yaxındadır... cökdki Çar diplomatları vəliəhdin Təbrizə gəlməsinə maneə törədə bilmədiklərindən, vəliəhdi ələ almaq və öz işlərini onun vasitəsi ilə həyata keçirməyi düşünürdülər. Rusiyanın Tehran səfiri Etter xari- «iyyə nazirinə vurduğu 18 fevral tarixli teleqramında deyirdi: Vəliəhd Təbrizə gedir! Onu Rusiya ilə dostluğa cəlb etmək lazımdır. Ona hər cəhətcə hörmət göstərməliyik. Bir də onu nəzərə almaq lazımdır ki, vəliəhdin məsarifi çoxdur. Tehran hökumətinin verdiyi maaş heç bir vaxt onu təmin etmir. Hər nə vasitə ilə olursaolsun ona maddi yardım göstərmək lazımdır. Heç birisi olmasa, Azərbaycanda rus təbəələrindən alınan vergilərin bir hissəsini gənc şahzadənin ixtiyarına verməlisinizə. Vəliəhdin Vasmincə yetişdiyi xəbəri Təbrizdə heç bir dəyişiklik yarada bilmədi. Əhalidə gənc şahzadəni istiqbal etmək həvəsini görmürdük. Halbuki son vali olan sərdar Rəşid hökumətə təyin edildiyi vaxt bütün Təbriz onun istiqbalına getmişdi. Təbriz tacirləri, şəhər əyanları vəliəhdi istiqbal etmək üçün çar konsulunun icazəsini gözləyirdi. Nəhayət, səhər tezdən rus qoşunları yaşayan qışlaların İran-Rusiya bayraqları ilə bəzənməsi və gənc şahzadənin şəklinin əlvan çiçəklər içində açılması xalqa vəliəhdin gəlməsindən rusların razı qaldığını bildirdi. Aşağı təbəqə konsulun icazəsi olmadan da böyük dəstələrlə Vasminc yolları tərəfinə axırdı. Aristokratiya və ruhani təbəqələrini görmək mümkün deyildi. Yalnız vəliəhdin karvanı Təbrizə yaxınlaşdığı vaxt, yuxarı təbəqədən çar konsulunun siyahısı ilə icazə verilən adamlar Təbriz bağlarının altında göründülər. Rus qoşun dəstələri vəliəhdə hərbi ehtiram göstərmək üçün böyük hazırlıq aparırdı. Səhər tezdən iki eskadron çar kazakları musiqi və bayraqlarla vəliəhdi qarşılamaq üçün Vasmincə göndərilmişdi. Təbriz ilə Vasminc arasındakı uzun məsafə cürbəcür silahlı rus piyadası ilə doldurulmuşdu. Təbrizin çiçəkli təbiətini görmək və Təbriz baharının lətif havasını udmaq üçün mən də Nina və Mahru xanımla bərabər Məşədi Kazım ağanın təzə faytonunda oturub vəliəhdin istiqbalına çıxmışdım. Yolların ətrafı bazar əsnafi və meydanlarda gəzən işsiz əhali ilə dolu idi. Arvad-uşaq hamıdan artıq idi. Sərdar Rəşid və çar konsulu da zinətli və yumşaq avtomobillərdə vəlləhdin istiqbalına gəlmişdi. Vəliəhdin üstüaçıq maşını çar kazakları və dilənçi dəstələrinin içərisi ilə irəliləyirdi. Mənim faytonum vəliəhdin maşınının yanından keçdiyi zaman onun çöhrəsində dərin bir kədər hiss etdim. Şübhəsiz ki, o özünün yalnız çar qoşunları və şəhər dilənçiləri tərəfindən istiqbal edildiyindən razı deyildi. Və- Həhd bu etinasızlığı ruslardan və sərdar Rəşiddən gördüyü üçün onlarla çox soyuq bir surətdə görüşdü. Nina bu etinasızlığın zəminəsini çoxdan mənə xəbər vermişdi, buna görə də bu mənzərə bizim üçün çox da təəccüblü görünmürdü. – Görərik, – dedim. – Biz görməsək də bizdən sonra gələnlər görərlər. Vəliəhdin həqir və solğun karvanı gəlib keçirdi. Biz də bu karvanın dalınca faytonumuzu sürüb şəhərə qayıtmışdıq. * * * Sərdar Rəşidin son macərası Sərdar Rəşid hökumət işlərini vəliəhdin peşəkarı Nizamülmülkə təhvil verib qurtarmışdı. Artıq o hökumət başında deyildi, o, Azərbaycanda bir işə təyin edilmək arzusunda olsa belə, həm vəliəhd, həm də Nizamülmülk ona Azərbaycanda iş vermək istəmirdi. O, Təbrizdən getməyə hazırlanırdı, lakin buna baxmayaraq, sanki o, Təbrizdə mühüm bir hadisə yaratmaq üzərində çalışırdı. Daim yüksək rütbəli çar çinovnikləri, qoşun rəhbərləri, yüksək çinli zabitlər və sairələrlə əlaqədə idi. Sərdar Rəşid bu cür adamları tez-tez evində qonaq edir və özü də bəzən onların evinə qonaq gedirdi. Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi. Polkovnik Berezovskinin sərdar Rəşidlə tanış olması və onun sərdar Rəşidlə nahar süfrəsində oturub içməsi bizə qarşı düzələn bir sui-qəsdin zəminəsi demək idi. Sərdar Rəşid sui-qəsdi əvvəlcə Tütünçüoğlundan başlamışdı, çünki o, Mahrunu özü ilə bərabər Təbrizdən aparmaq istəyirdi. Mahru isə Əsədə bağlandığı üçün Təbrizdən heç bir tərəfə getmək istəmirdi. Sərdar Rəşidin planları bundan ibarət idi: o, Tütünçüoğlunu polkovnik Berezovski vasitəsi ilə həbs etdikdən sonra həm Mahru azad olacaq, həm də kiçik işgəncələr nəticəsində Tütünçüoğlu gizli komitənin sirlərini açmağa məcbur olacaqdı. Bu məqsədlə sərdar Rəşid nahar əsnasında Berezovskinin qarşısına belə bir məktub qoymuşdu: €Cənab polkovnik! Mən hökumət başından çəkildiyimə baxmayaraq, yenə də sabiqdə olduğu kimi, imperator hökumətinə olan nökərçilikdə davam edirəm. Hərgah mən indiyə qədər Təbrizdə çalışan gizli əlləri aşkara çıxara bilməmişəmsə, bunun da səbəbi çar konsulxanasından həqiqi köməklik ala bilmədiyim idi. Lakin buna baxmayaraq, yenə də bəzi sirləri öz kəşfiyyatçılarım və sadiq dostlarım vasitəsilə əldə edə bilmişəm. Mənə yetişən xəbərlərə görə Təbrizdə işləyən gizli təşkilatın rəhbəri xTütünçüoğlup ləqəbi ilə məşhur olan Əsəddir. Hərgah onu həbsə alıb bir az işgəncə vermiş olsanız, o bütün təşkilatı sizin əlinizə verə bilənə. Sərdar Rəşid yenə də nicatını ruslarda arayırdı. Lakin sərdar Rəşid çar diplomatlarının vəfasızlığını indi-indi anlayırdı, çar diplomatları Rusiya mənfəətinə işləyən heç bir casusu xoşbəxt etmədiyi kimi, sərdar Rəşidi də xoşbəxt etmədilər. Vəliəhd Təbrizə gələn gündən bəri çar konsulu sərdar Rəşidi tanımamağa başladı, çünki vəliəhdin sərdar Rəşiddən acığı gəldiyini konsul layiqincə bilirdi. Buna görə də vaxtilə çarın gözünün işığı sayılan bir namussuz hazırda çar konsulunun tamamilə yadından çıxmışdı, çar konsulu öz dostlarını vəliəhdin məiyyəti içərisində aramağa başlamışdı. Hər halda Berezovski Tütünçüoğlunu həbsə almaq üçün əmr vermişdi. Buna görə də mən işləri sahmana salana qədər Tütünçüoğlunun gözə görünməməsini tapşırmışdım. Berezovski ilə fürsət tapıb danışmaq istəyirdim. Biz son vaxtlar polkovnik Berezovskinin bir çoxlarını çar əleyhdarlığında töhmətləndirib tutduğunu və min tümən alıb buraxdığını eşitmişdik. Rus qarovul postlarının yanından keçənlərin, Culfa-Təbriz şose yolunda tutulanların hamısı Berezovskinin vasitəsilə müəyyən para müqabilində buraxılırdı. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. Tacirlərin tamahkarlıqda məşhur olanlarına: «Sən lap Berezovskisən ki?b) – deyə təhqir edirdilər. Hər nə olursa-olsun mən Tütünçüoğlunu bu macəradan qurtarmaq üçün rüşvətxor polkovniki görməli idim. Məşədi Kazım ağadan po!kovnikin nə kimi hədiyyə ilə maraqlandığını soruşdum. O, çar konsulunun təchizat işləri ilə məşğul olduğundan, Berezovski ilə hər gün və hər saat görüşə bilirdi, lakin Məşədi Kazım ağa vasitəsi ilə heç bir iş gömək olmazdı. O, çar rüşvətxoruna necə yanaşmağı bacarmazdı. Bir axşam Məşədi Kazım ağa ilə söhbət etdiyim zaman o, Berezovskinin nə ilə çox maraqlandığının barəsində söhbət açıb: – Ona yaxşı bir at lazımdır. Özü də ağ at olmalıdır, – dedi. – Nə üçün ağ at?/ Başqa rəngdə olmazmı? – Yaxşı bir ağ atı var idi, xəstələnib ölmüşdür, buna görə ağ at istəyir, çünki mənsub olduğu polkun atları da tamamilə ağdır. Mən bir neçə gün tanış adamlar vasitəsilə harada yaxşı ağ at olduğunu soraqladım. Nəhayət, Qafqazlı Məşədi Hacıda gözəl bir at olduğunu xəbər verdilər. Dalınca adam göndərib çağırdım. O, çox məmnuniyyətlə atı bizə hədiyyə verməyə hazır olduğunu söylədi və bu təklifin «təbrizli təklifə olmadığını da əlavə edərək, bizi güldürdü. O, məşhur araba işlədən Məşədi Hacı idi. Səttar xan zamanında inqilaba xidmətləri olmuşdu. Atı gətirdilər, doğrudan da, at Təbrizdə misli görünməyən bir at idi: bu atın vasitəsilə Berezovskini ələ almaq mümkün olacaqdı. At bizim əlimizə çatandan bir gün sonra mən Berezovskidən bir məktub aldım, o məni öz yanına çağırmışdı. Səhər saat 11-də mən Məşədi Kazım ağanın faytonuna oturub onun yanına getdim. Onun qapıçısı mənim gəldiyimi ona xəbər verdi, az sonra məni qəbul etdi. İçəri girib salam verdim və papağımı götürüb, oturmaq üçün onun icazəsini gözləyirdim. Berezovski mənim üzümə baxıb, çox mülayim bir surətdə: – Rica edirəm, hərgah mənə nisbət bir xidmətiniz varsa, bir az səbir ediniz. Bir nəfər iranlı tacir vardır, onunla görüşəndən sonra sizi qəbul edərəm, – mən üzr istəyərək, dışarı çıxdım. Mənim dalımca o, soldatını çağıraraq, taciri içəri buraxmağı əmr etdi. Soldatın ona nə dediyini bilmədim, ancaq bir neçə saniyədən sonra Berezovskinin dalımca dəhlizə çıxdığını gördüm. O mənim qolumdan tutaraq: – Buyurun, - deyə kabinetə apardı. Oturduq, yenə də səmimi söhbətlərə başladı və ailəsinə xidmət göstərdiyimdən razılıq etməklə bərabər dedi: – 14-cü ildə türklər Təbrizə gəldiyi zaman böyük bir fəaliyyətlə Təbrizi müdafiə etdiyinizi mən də bilirəm, lakin təəssüf edirəm ki, qardaşınız sizin göstərdiyiniz xidmətlərin əksini göstərir. Onun gizli fəaliyyəti bizim hərbi dairələrin ciddi cəza tədbirləri görməsinə səbə» olur. Mən bir papiros yandırmaq üçün icazə istədikdə o, qutusunu mənə uzatdı, mənsə təşəkkür edərək öz papirosumdan birisini yandiri» ona sual verdim: – Mənim qardaşımın xain olduğu haqqında cənab polkovnik təhqiqat apartdırmışdırmı? – Xeyr, – polkovnik dedi. – Çünki onu tapa bilmirik. – Məncə, təhqiqatı həbs etdirmədən qabaq aparmaq lazımdır. Məncə, bu da çətin deyil, Bir kərə mənim qardaşımın xain olduğunu xəbər verən adamdan isbat və vəsiqə soruşmalısınız. Bunu soruşmusunuzmu? – Xeyr! Bunu xəbər verən elə bir adamdır ki, vəsiqə və isbat soruşmağa haqqımız yoxdur. – Siz bu xəbərin şəxsi-qərəzlikdən doğmadığını haradan bilirsiniz? – Bəs siz bunun şəxsi-qərəz olduğunu nə ilə isbat edə bilərsiniz? – Mənim qardaşının barəsində sərdar Rəşiddən başqa heç bir kəs bu iftiranı toxuya bilməz, çünki mənim qardaşım onun öz bacısına evlənməsinə mane olur. Polkovnik bu sözləri eşidərkən qalxıb bir də oturdu və sürətlə sual verdi: – O bacısına evlənir? – Onun evindəki qız vaxtı ilə Abşeron alayının rəisi mərhum Smirnova ərə getmişdi. Smirnovdan sonra qız mənim qardaşımı sevir, sərdar Rəşid isə qıza mane olur və onsuz yaşaya bilməyəcəyini söyləyir. Qız onun bacılığıdır, bunu qızın özü söyləyir, lakin bütün Təbriz qızı onun doğma bacısı hesab edir. Hazırda o qızı özü ilə bərabər Tehrana aparmaq istəyir. Qıza gəldikdə, o mənim qardaşımı buraxıb getmək istəmir. Mən sizdən çox rica edirəm ki, ondan sübutlar tələb edin, hərgah o bunu isbat edə bilərsə, mən öz əlimlə qardaşımı gətirib sizə təslim edə bilərəm. Bizi konsul cənabları da çox yaxşı tanıyır, o, Təbrizdə ancaq bizə inanır. Berezovski bir az düşündükdən sonra: – Mən sizə inanıram. Sərdar Rəşid şərəfsiz adamdır... O, çar hökumətinə xain olan alçaq bir adamdan daha alçaqdır, çünki çar hökumətinə xain olan hər bir kəs, onu öz vətəninə bir xidmət hesab edir, lakin sərdar Rəşid kimi adamlar öz məmləkətinin xainidir, yalan xəbər verən adam isə daha da alçaqdır. – İndi siz mənə inandınız ki? – İnandım. Lakin bunu sərdar Rəşidə eşitdirməməlisiniz. – İndi cənab polkovnik buyursun görək, məni nə üçün çağırmışdır? – Mənim alayımın atları tamamilə ağ atlardır, mənim özümün də gözəl bir atım var idi, xəstələnib öldü, çoxdan bəri bir at axtarırdım. Məşədi Kazım ağa sizdə gözəl bir at olduğunu mənə xəbər verdi. Bizim ruslarda belə bir qayda vardır: iki şeyi istəmək yaxşı deyil. Onlardan birisi sevgili at, ikincisi isə halal arvaddır. Bunun üçün də üzr istəyirəm, hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın. – Bizim müsəlmanlarda da gözəl bir xasiyyət vardır. Onlar gözəl atı ancaq yaxşı dostlarına rəva görərlər, – dedikdə o qalxıb əlimi sıxdı və: – Ümidvaram ki, biz səmimi dost olacağıq, – dedi, – Ancaq atın qiymətini buyurmalısınız. Mən: – Cənab polkovnik, hədiyyə veriləni ancaq hədiyyə verərlər. Bu atı bir nəfər dost mənə hədiyyə vermişdir. Mən də onu bir nəfər dostuma hədiyyə verirəm. Bu saat kağız verim gedib atı gətirsinlər, – deyə qələmi götürüb bloknotumun səhifəsində yazdım. €Bu kağızı gətirən soldatla mənim ağ atımı göndərin. Əbülhəsənbəyəp. Kağızı polkovnikin soldatına verdim, bu zaman polkovnik Brezovski də mənə bir kağız uzatdı: € Əbülhəsənbəyin qardaşı Əsəd haqqında verilən xəbərlərin əsli olmadı, Əsəd hər cür həbs və cərimədən azaddır. 10 aprel 1916 P.Berezovskib. Tütünçüoğlü Əsədin azad dolanması və onun sərdar Rəşidin evinin ətrafında görünməsi sərdar Rəşidin düzəltdiyi macəranın baş tutmamasını ona göstərdi. Sərdar Rəşid bu macəradan ümidini kəsdikdən sonra Mahrunu xalxallı Əmir Əşairin qaynı Mükərrəmisoltana vermək və rus casusu olan bu qolçamağın himayəsi ilə özünü düşdüyü həqarətdən qurtarmaq istədi. Lakin Mükərrəmisoltan qızın Əsəd Tütünçüoğluna nişanlı olduğunu və Əsədin bizimlə yaxın münasibətdə olduğunu eşitdiyi üçün sərdar Rəşidin təklifini qəbul etmədi. Həmin bu günlərdə sərdar Rəşid telefon edib mənimlə görüşmək istədiyini söylədikdə, «vaxtım yoxdur?, deyə onu rədd etdim. Sərdar Rəşid Mahrunun Əsədlə görüşməsinə daha maneə törədə bilmirdi. Əsəd hər gün telefon edib Mahrunu çağırır və Məşədi Kazım ağanın faytonu ilə şəhərdə gəzməyə aparırdı. Bəzən Mahru Ninanın evində də gecələyirdi, sərdar Rəşid isə ancaq onun bizdə olub-olmadığını soruşmaqla kifayətlənirdi. O qaçacaq idi, lakin onun Tehrana qaçması bizi məhv edə bilərdi, çünki o, Təbrizdə olan bütün işləri rus səfirinə xəbər verəcək və bununla da öz mövqeyini bərpa etməyə çalışacaq idi, buna görə də gizli komitədə onu məhv etməyi qərara almışdıq. Lakin Təbrizdə yox, çünki onu Təbrizdə məhv etmək ruslara meydan oxumaq kimi məna edilə bilərdi, onda çar konsulu təbrizlilərin rus casuslarını terror etdiklərini bəhanə edib cəza tədbirləri görə bilərdi. Buna görə də onun Təbrizdən çıxmasını gözləyirdik. Gecə-gündüz qapısına qarovul qoymuşduq. iki nəfər atlımız daim səfərə hazır idi. Sərdar Rəşid hansı tərəfə getsəydi, atlılarımız onun dalısınca gedəcək və mənzillərin birisində onu edam edəcəkdi. Aprelin on beşində sərdar Rəşidin qapısında qarovul duran Cümşüd telefonla xəbər verdi ki, gecə saat 11-də sərdar Rəşidin evindən bir çarşablı qadın faytona oturub getdi. Mən bu telefonoqrammanı alan kimi sərdar Rəşidin evinə telefon etdim, azdan sonra Mahru telefona gəlib danışdı, mən ona sual verdim: – Sərdar Rəşid evdədirmi? – Xeyr, evdə deyil, bir saat əvvəl konsulxanaya gedəcəyini söylədi. – Sizin evinizlən çarşablı qadın çıxıb faytona oturmuşdurmu? – Nə bu gün, nə də dünən bizim evimizdə qadın olmamışdır. – Sənevi yaxşı nəzərdən keçir, evinizdən bir nəfər çarşablı qadın faytona oturub getmişdir. – Səbir edin, yoxlayım! Mən telefonda on beş dəqiqəyə qədər gözlədim, nəhayət, Mahru telefona gəldi və: – Xain qaçmışdır! O məni çarşabımı örtüb getmişdir. Özü ilə bərabər ingilis və Amerika kağız pullarını götürüb aparmışdır. Stolun üstündə məktub qoymuşdur, faytonu göndərin bu saat məktubu gətirim. Mən Məşədi Kazım ağanın faytonunu təcili surətdə Əsədlə bərabər göndərdim, bir saatdan sonra Mahru gəlib, sərdar Rəşidin yazdığı məktubu gətirdi: «Əzizim Mahru! Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim. Lakin ətrafımı düşmənlər aldığı zaman sən də onlara qoşuldun, sən də mənim məhvimə çalışanlarla əlbir çalışmağa başladın, buna görə də mən Təbrizdə qala bilmədim. Mən evdən ancaq bir qədər kağız pul götürdüm, hər bir şey öz yerindədir. Sənə vəsiyyət edirəm: hər kəsə ərə gedirsən get, lakin o quldur dəstəsinin fəal bir üzvünə ərə getmə, çünki mən onları rahat buraxmayacağam, onlar mənim səadətimi, rütbə və mövqeyimi əlimdən aldılar, mən də onları məhv etmək üçün gedirəm. Xoşbəxt olmaq istəyirsənsə, ona ərə getmə! Onları böyük bir fəlakət gözləyir, mən Tehranda özümə köməkçi tapa bilərəm. Ev-eşikdən göz-qulaq ol! Ərdəbilli nökərlərə etibar etmə! Tezliklə məktubumu alarsan, o zaman sənin də təklifin müəyyən edilərə. Məsələ aydın idi, sərdar Rəşid Tehrana qaçmışdı. Onu təqib etmək lazım idi. Cümşüd və Fəraməzi çağırdım, onların hər ikisi sərdar Rəşidin işini bitirməyi bacarardı, onlara çox qısaca tapşırdım: – Hərgah sərdar Rəşid Tehrana gedə bilsə, onu Tehranda da məhv etməlisiniz! – dedim. Onların atları yəhərlənmişdi, hər bir şey hazır idi, gecə saat 2-in yarısında xurcunları atların tərkibinə salıb yola düşdülər. Mahru dərin və azad bir nəfəs aldı, mənim onu tanıdığımdan bu günə qədər birinci kərə olaraq qaşlarını gözlərinin üstündən qaldırdığını və ətrafına baxdığını gördüm. O ağlaya-ağlaya mənə sual verdi: – Mən öz azadlığıma inana bilərəmmi? – İnana bilərsən, sənin on ildən bəri gördüyün həqarətlər bu saatdan etibarən bitmiş oldu. Mahru bacı, sənə verdiyimiz vədələr yalan deyildi, sən özün azad oldun, bundan sonra da bütün İran qadınlarının azadlığı yolunda çalışmağı öhdənə götürməlisən. Mahru sevindiyindən hönkür-hönkür ağlayırdı. O öz sevgili əri Smirnov öləndə və sərdar Rəşid tərəfindən birinci dəfə təhqir olunanda belə ağlamamışdı, lakin azadlıq xəbəri onun başının çanağında illərdən bəri yığılıb qalmış çeşmənin qapısını açdı və mən bu zaman azadlığın nə qədər qiymətli olduğunu bir daha hiss etdim! Nina da Mahrunun qara saçlarını sığalladığı zaman ağlayırdı. Tütünçüoğlu Əsəd isə ayaq üstündə durub baxır və düşünürdü. Mən vəziyyəti dəyişmək istədim və Mahruya sual verdim: – Sən o evdə qalmaq istəyirsənmi? – İndi və yainki gələcəkdə? – Xeyr, gələcəkdə. – Onun varisləri vardır, mənim ona varis olmaq səlahiyyətim yoxdur. – Onda hər bir ehtimala qarşı hazırlanmalısan. Mahru mənimnə demək istədiyimi dərhal hiss etdi və cavab verdi: – Şübhə yoxdur ki, bir hadisə baş verdikdə onun varisləri məni evdən çıxaracaqlar. – Mənim dediyim budur, sabahdan etibarən onun nökərlərinin və ev xidmətçilərinin maaşlarını verib hamısını buraxasan, çünki onlar evdə qaldığı təqdirdə sən heç bir iş görə bilməzsən. Sözümü anladın ki? – Bəli, anladım. – İndi bu saat Təhminə xanım ilə bərabər faytona oturub gedin, nə qədər ki, nökərlər oradadır, Təhminə xanım sizdə qalsın, sonra vəziyyəti təyin edərik. Saat 2-də Tütünçüoğlu onları faytona qoyub evlərinə yola saldı. * * * Sərdar Rəşid Təbrizi satdı Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı: Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil. Mən bunları sizə misal üçün yazdım, onun gördüyü işləri saymaq üçün uzun vaxt lazımdır. Mən ümid edirəm ki, Tehrana xəbər çatıncaya qədər siz o caniləri həbsə alıb cəzalandıracaqsınız. Əksinə olursa, sizin özünüz məsulsunuz...) Sərdar Rəşidin bu məzmunda yazdığı məktub on səhifədən ibarət idi. Berezovski bu məktubu alan kimi dünyası dəyişdi, vücudu titrədi, nə edəcəyini bilmədi, oturduğu kürsüyə söykənib beş dəqiqəyə qədər düşündü, nəhayət, telefonun dəstəyini götürüb alayın qərargahını səsləmək və Əbülhəsənbəylə Tütünçüoğlunun həbs olunmasına əmr vermək istədi. O, dəstəyi götürüb, bir neçə dəqiqə əlində saxladı, dodağını dəstəyə yaxınlaşdırıb danışmaq istədi, lakin yenə də başını geriyə çəkdi, bu vəziyyət bir neçə dəqiqə davam etdi. Nəhayət, o, dəstəyi yerinə qoyub kürsüyə dayandı, vəziyyətin ağırlığı onu sarsıtdı. Çar iandarmı çıxılmaz vəziyyətdə qalmışdı. O nələri düşünürdü?) O bilirdi ki, çar fandarmı yeddi ildən bəridir gizli təşkilatı əldə etmək üçün nə qədər çalışmışsa da, bir iş görə bilməmişdir. Hazırda bu təşkilatı əldə etməklə o, çar hökumətinin böyük bir mükafatına nail olacaqdır. Berezovski o biri tərəfdən də Əbülhəsənbəyin öz ailəsinə göstərdiyi qərəzsiz, minnətsiz, təmənnasız yaxışılıqları düşünür, onları bir-bir öz nəzərindən keçirir, ölçür və biçirdi. Əbülhəsənbəy onun ailəsinə yalnız pul köməyi verməklə kifayətlənməyərək, onun gözəl arvadını, gözəl və misli olmayan qızlarını da fahişəlikdən və namussuzluqdan qorumuşdu. Berezovski alacağı mükafatla bütün yaxşılıqları bir yerə qoyub müqayisə edirdi, lakin heç vəchlə bu çətin vəziyyətin altından çıxmağı bacarmırdı. O, gizli təşkilatı həbsə almaqdan vaz keçməklə yalnız əldə edəcəyi mükafatı deyil, öz vəzifəsini də itirəcək və çar hökuməti tərəfindən cəzalanacaqdı. Nəhayət, Berezovski andarm vicdanı ilə bəşəri vicdanı bir yerə qoyub onların da üzərində uzun zaman düşündü. /andarm vicdanı qalib gəlirdi, o öz-özünə: «Mən bir şərqlidən ötrü ömrüm uzunu qazandığım nüfuzu itirə bilərəmmi? – dedi. – Hansı axmaq bu qədər böyük bir müvəffəqiyyətin üzərindən soyuqqanlılıqla keçə bilər? Telefonun dəstəyini götürdü, lakin danışmağa cəsarət etmədən, onu dodaqlarında saxladı, yenə də oturdu və öz-özünə sual verdi: €O bir şərqlidir, biz onları vəhşi və mədəniyyətsiz hesab edirik. Vəhşi asiyalı bir avropalını, eyni zamanda ehtiyac qarşısında qalan bir ailəni müdafiə üçün minlərlə manat parasından keçir. Bəs buna qarşı bir avropalının vəzifəsi nədir? Mən onu həbs edimmi? Mən onun üzünə bir insan kimi baxa bilərəmmi? Sonra da Berezovski Əbülhəsənbəylə birinci görüşündə dediyi: eMən arzu edirəm o qədər yaşaya biləydim ki, sizin bu yaxşılıqların əvəzini sizə yetirməyə bacaraydıml? sözlərini xatırlayırdı. Dəstəyi yerinə qoydu, evi dolanmağa başladı. Saatına baxıb gecə saat 1-ə işlədiyini gördü, saatı cibinə qoyub bir daha telefona yanaşdı, dəstəyi götürüb cəsarətlə danışdı: – Əbülhəsənbəyin evidirmi? Danışan Əbülhəsənbəydirmi? Bu saat bizə gəlməlisiniz. Sizinlə danışmalı vacib bir iş vardır, tez gəlin, – deyərək dəstəyi yerinə qoydu. ALİ. Mən Berezovskinin evinə gecə saat 2-in yarısında getdim. Getməyimi evdə ancaq Məşədi Kazım və Ələkbər yoldaş bildi, çünki telefon zəng vurduğu zaman biz birlikdə oturub söhbət edirdik. Faytonu qoşdurub yola düşdüm, erməni məhəlləsində dayanıb məsələni Arşaka xəbər verdim və onun hər ehtimala qarşı hazırlıq görməsini tapşırdım. Mən Berezovskinin otağına girən kimi vəziyyəti yaxşı görmədim, onun əlimi sıxdığı zaman vücudunun titrədiyini hiss etdim. Gülüşləri və məni qəbul etdiyi zaman danışdığı sözləri də onun özündə olmadığını göstərirdi. Mən görüşüb oturduqdan sonra da o evi dolanır və fikirləşirdi. Hərdənbir dönüb mənim üzümə fikirli halda baxır və bığlarını tumarlayatumarlaya o tərəf-bu tərəfə gedirdi. Mən hər şeyi hiss edirdim, çünki sərdar Rəşid Təbrizdə bizə qarşı bir macəra yaratmadan çıxıb getməyəcəkdi. Berezovski ara-sıra mənə baxdıqda öz əlinə keçən yağlı şikar haqqında düşünür və bu şikardan nə qədər qazanacağı barəsində fikirləşirdi. O gəlib oturdu, papiros qutusunu götürüb mənə uzatdı, bir papiros götürüb yandırıb çəkdim, birisini də özü alışdırıb dişinə aldıqdan sonra. – Belədir, hörmətli ata! – dedi. – Biz çox zamandan bəri çar hökumətinin axtarıb tapa bilmədiyi gizli əlləri sıxıb onunla dostluq etmişik. Mən buna çox təəssüf edirəm, çünki bu dostluq nə sizin, nə də bizim üçün müsbət bir nəticə ilə qurtarmadı. Bu dostluq hər iki tərəfin həyatına qarşı bir təhlükə şəkli aldı. Mənim aldığım məlumata görə özünü imperator hökumətinə dost göstərən bir adam illərdən bəri Təbrizdə imperatorun nüfuzu əleyhinə gizli təşkilatlar düzəldirmiş. Mən yeddi illik böyük və gizli bir hərəkatın rəhbəri ilə göz-gözə öz vəzifəm və məsləkim əleyhinə olaraq çalışırmışam. Əlbəttə, siz mənim şəxsimə qarşı və mənim ailəmə qarşı gözəl bir insan kimi hərəkət etmişsiniz, lakin dövlətə və hökumətə qarşı, daha açığı, bizim xidmət etdiyimiz üsuli-idarə əleyhinə də çox dəhşətli və misli görünməyən bir düşmənsiniz. Təbrizdə terrorların, edamların, nümayişlərin, intibahnamələrin, çar hökumətinə qarşı bütün təşəbbüslərin başçısısınız. Siz xalqın evindan arvadını oğurlatdırıb illər uzunu həbsə alırsınız. Siz bütün konsulxanalardan gizli adamlar vasitəsi ilə məlumat alırsınız. Siz Səttar xanın ən yaxın adamısınız. Eyni zamanda siz mədəni, mərhəmətli, zəngin təbiətli və nəcib bir şəxsiyyətsiniz. Məni çıxılmaz vəziyyətdə qoyan cəhət də, məhz son dediyim cəhətlərinizdir. İndi deyin görüm bir nəfər çar xidmətçisinin, daha açığı, bu iş üçün ali dairələrdən təyin edilən zatın vəzifəsi nədir? Məsələ mənim üçün tamamilə aydınlaşdı, bu məlumatı çar )andarmına sərdar Rəşiddən başqa heç bir kəs verə bilməzdi. «Xalqın arvadını oğurlatdırırsınız? sözü də İraidanın aparılmasına işarə idi, çünki sərdar Rəşid bunu daim bizdən şübhələnirdi. Lakin mən onu da bilirdim ki, sərdar Rəşidin Berezovskiyə verdiyi bu məlumat ancaq quru sözlərdən ibarətdir, çünki sərdar Rəşidin əlində heç bir yazılı vəsiqə ola bilməzdi. Biz işimizi çox ehtiyatlı tutmuşduq. Lakin buna baxmayaraq, quru məlumatın özü də bizim üçün böyük təhlükə idi. Əvvəla biz bununla həbsə alınacaq idik, çar Pandarmı, bu təqsirləri bizə yamaya bilməsə belə, yenə də bizi Təbrizdə azad buraxmayacaqdı. İkinci, Ninanın konsulxanadan qovulacağı, bəlkə də, həbsə alınacağı şübhəsiz idi. Üçüncü, mənim mənsub olduğum bütün adamlar məhv ediləcək və sürgünə göndəriləcəkdi. «Qorxmaq fayda verməzlə düşündüm və çar iandarmına bir sual verdim: – Sizə belə bir məlumatın verildiyinə şübhə etmirəm, lakin buyurun görüm cənab polkovnikin özü buna inanırmı? Bir nəfər adam bu saydıqlarınızı bacara bilərmi? Yaxud sizə verilən məlumatı sübutedici sənədlər vardırmı? – Mənim sözüm nə isbatedici sənədlərdə, nə də məlumatın doğru olub-olmamasında deyildir, məqsədim sizə bu təhlükənin hər iki tərəf üçün ağır olduğunu bildirməkdir. Bu məlumatı bir nəfər adi fandarm vermiş olsaydı, bəlkə də, təhlükənin qarşısını almaq mümkün idi. Lakin bu məlumatı verən adam kiçik adam deyil, o bir neçə gündən sonra Tehranda mənim gələcəyim üçün edam cəzası verdirəcəkdir, çünki mən sizin qardaşınız haqqında verilən məlumatı nəzərə almayaraq, öz vəzifəmin xaini kimi sizə güzəştə getmişəm, sərdar Rəşidi tanıyırsınızmı? – Çox gözəl tanıyıram. – Onun arvadını oğurlatdıran siz deyildinizmi? – Siz onun arvadının kim olduğunu və onun əlimə nə cür düşdüyünü bilirsinizmi? – Xeyr, bilmirəm. – Onu eşitməyə, az da olsa, vaxtınız vardırmı? – Buyurun! – Sərdar Rəşidin evindən oğurlanan qız İraida adlı bir latış qızıdır. O mənim yaxın tanışımın bacısıdır. Onu sərdar Rəşidə verən nə mən, nə də onun bacısı deyildi. Bu qızı da bir çox rus qızları kimi konsulxana istədiyi adamların və qadın düşkünlərinin sərəncamına verib onların vasitəsilə iş görməyə çalışırdı. Sərdar Rəşid İraidanı bir qadın kimi yox, öz nüfuzunu möhkəm etmək və çar zabitlərinin dostluğunu qazanmaq üçün bir alış-veriş mətaı kimi saxlayır və onu istədiyi adamların şəhvətini söndürməyə məcbur edirdi. Siz indi özünüz mühakimə edin, o zaman mənim vəzifəm nə idi? – Sizin bu söhbətləriniz çar konsulxanasına qarşı bir böhtan və bir təhqir deyildirmi? Çar iandarmı bu sözü deyəndən sonra mən əlimi cibimə aparıb üç məktub çıxartdı. Məktubun birisi talış xanı Sarimissoltan tərəfindən Berezovskinin kiçik qızı Silvanın adına yazılmışdı. Məktubun içərisindən başqa bir məktub da konsulxana tərəfindən Berezovskinin arvadı Yelenaya yazılmışdı. Həmin məktubda konsulxana Silvanın Sarimissoltana ərə getməsini və bu izdivacla həm Silvanın xoşbəxt olacağı, həm də çar hökuməti lehinə böyük bir vəzifənin ifa olunacağı göstərilirdi. Nəhayət, məktubun birisi də onun böyük qızının adına Məmmədəli Mirzənin sabiq mirzələrindən biri Hümayun tərəfindən yazılan məktub idi. Burada konsulxananın da bu izdivaca razı olacağı bildirilirdi. Üçüncü məktub onun arvadının adına göndərilən məktub idi. Bunu da məşhur çar agenti, qaraməlikli Usta Bağır yazmışdı. Məktubların üçü də rusca yazılmışdı. Berezovski bunları diqqətlə oxuyub stolun üstünə qoyduqdan sonra mənə sual verdi: – Bu məktublar sizin əlinizə haradan düşübdür? – Bunları mənə verən sizin arvadınızdır, çünki siz Təbrizə gəlməzdən qabaq onlar mənim himayəmdə idilər. Onların namusunu müdafiə etmək mənim öhdəmdə idi. – Mənim ailəm bu cür əxlaqsızlığa təslim oldumu? – Xeyr, onlar təslim olmaq istəsəydilər, bu məktubları mənə göstərməz və kömək istəməzdilər. – Siz onlara kömək verdinizmi? – Siz bunu ailənizdən xəbər ala bilərsiniz! Bizim köməyimiz olmasaydı, onlar öz məqsədlərini zorla həyata keçirəcəkdi. Lakin biz evimizin ətrafında qarovul qoyduq və məktub sahiblərini o ki lazımdır döydürüb erməni məhəlləsinə girmələrinə imkan vermədik. Sizin qapınızda döydürdüyümüz Sarimissoltan hələ də xəstədir. Jandarm mənim üzümə çox təəccüblə baxdı və: Bunların hamısına inanıram, əsas məsələ bunlarda deyil, mənim sizə dediyim vəziyyətdən nə cür çıxmaq məsələsidir. – Siz sərdar Rəşidin yazdıqlarına inanırsınızmı? – İnanıram, yüz faiz inanıram. – Bu qədər işlərin öhdəsindən bir tək adamın gəlməsinə də inamınız vardır? – Bəli, inamım vardır. Sizin bacarıqlı adam olduğunuza inanıram. – İndi ki, siz ğuna inanırsınız, mənim deyəcəyim qısa bir cümləyə də inanın! Bu qədər ağır işlərin öhdəsindən gələn bir adam sizi də ağır vəziyyətin altından çıxarmağı bacarar! – İnanıram! Lakin sərdar Rəşid Tehrana getdi, o mənə yazdıqlarını Tehranda rus səfiri Etterə xəbər verəcəkdir. – Mən sizə söz verirəm, sərdar Rəşid Tehrana getməyəcəkdir! Bu sözümdən sonra fandarm dərin bir nəfəs aldı. * * * Alış-veriş Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi. Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi... Birinci ixtilaf Ərdəbil qubermatorluğu üzərində başlandı. Nizamülmülk Ərdəbil qubernatoru Müqtədirüddövləni götürüb yerinə Mükərrəmüddövləni təyin etmək istəyirdi. Çar konsulu bunu qəti surətdə etiraz etdi, çünki Müqtədirüddövlə Ərdəbildə Rusiya mənafeyi üçün işləyən sadiq nökərlərdən biri idi. Çar konsulu Nizamülmülk ilə olan görüşündə deyirdi ki: «Hərgah Mükərrəmüddövləni Ərdəbilə təyin etmiş olsanız bizim qoşunlar onu Ərdəbilə buraxmayacaqdırə. Lakin o biri tərəfdən də çar konsulu bu ixtilafı dərinləşdirmək istəmirdi, çünki xariciyyə naziri Sazonov hələ vəliəhd Təbrizə gəlməzdən qabaq 2 aprel tarixli teleqramında vəliəhd və onun ətrafında gələnlərlə dostanə əlaqə düzəltməsini tapşırmışdı. Buna görə də konsul Tehranda Rusiya səfirinə göndərdiyi 11 aprel tarixli məktubunda yazırdı: €Nizamülmülk Mükərrəmüddövlədən on min tümən alıb onu Ərdəbil qubernatoru təyin etmək istəyir, mən məsləhət görürəm ki, həmin on min tüməni Müqtədirüddövlə verib öz yerində qalsın. Eyni zamanda vəliəhd ilə Nizamülmülk arasında da ixtilaf törəmişdi. Nizamülmülk hökumət işlərini öz əlinə alıb vəliəhdin bütün təşəbbüslərinə əngəl törətdiyi üçün vəliəhd Təbrizi buraxmağa qərar vermişdi. Nizamülmülk vəziyyəti Tehrana xəbər verdiyi və Tehranda da məsələnin Nizamülmülk lehinə həll olunduğu vəliəhdin Təbrizdə qalmaq marağını daha da söndürmüşdü. Nəhayət, vəliəhd: – Avtomobili hazır edin, gedirəm, – dedikdə bir tərəfdən Nizamülmülk, o biri tərəfdən də çar konsulu təşvişə düşmüşdü. İran hökuməti vəliəhdi Təbrizə göndərmək üçün çoxdan bəri çalışırdı. Vəliəhd çıxıb getdiyi zaman bütün zəhmətləri hədər getmiş olacaqdı. Eyni zamanda Təbriz konsulu da vəliəhdin köçüb getmək istəməsindən təşvişə düşmüşdü, çünki bununla ingilislər «ruslar vəliəhdin Təbrizdə yaşaması üçün şərait yaratmadılar? deyə Rusiyaya müraciət edəcəkdi. (Həmin bu günlərdə ingilislər İrandakı alman-osmanlı təbliğatını qırmaq üçün İran hökuməti ilə dostanə rəftar etmək tərəfdarı idi. Rusiya hökumətinin özü də İranı bitərəf saxlamaq və yaxud Rusiya-İngiltərə ittifaqına cəlb etmək üçün müzakirə aparırdı.) Bunları nəzərə alaraq, Təbrizə konsul və eyni zamanda Nizamülmülkün gizli təşəbbüsü nəticəsində Şəmsülimarəyə tacirlər, mollalar və əyanlardan ibarət bir heyət göndərilmiş və vəliəhdi Təbrizdə qalmağa razı salmaq üçün onlara tapşırıq verilmişdi. Bu heyət göndərilməzdən əvvəl general-konsul heyətə daxil olacaq adamları bir-bir öz yanına çağırıb bu barədə fikrini onlara söyləmişdi. Aprelin 18-də axşam saat dörddə Mirzə Ələkbər telefonla cənab general-konsulun məni öz yanına çağırdığını xəbər verdi. Mən konsulun yanına getdiyim vaxt oradan bir çox başqa adamların çıxıb getdiyini gördüm. Çar konsulu məni gördüyü zaman yenə də xidmətlərimi saydı, yenə də özünün minnətdar olduğunu söylədi və əsl məsələyə keçərək dedi: – Sizin məmləkətinizi böyük bir fəlakət gözləyir. Almaniya— Türkiyə təbliğatı İranı dünya müharibəsinə sövq etməyə və öz dostu olan Rusiya və ingilis hökumətlərinə qarşı çıxarmağa təlaş edir. Belə zamanlarda, ölkənizin bütün namuslu adamları gözüaçıq olmalı və hökumətin təşəbbüslərinə kömək göstərməlidir. Azərbaycanın sakit olması və iki hökumətin dostluğunun möhkəm edilməsi üçün gənc şahzadənin Təbrizdə olması mərkəzi hökumət tərəfindən düşünülmüş ən mühüm bir təşəbbüsdür. Lakin son günlər həzrət vəliəhdin Təbrizdə qalmaq istəməməsi bizim üçün heç gözlənilməyən bir hadisədir. Sabah həzrət vəliəhdin hüzuruna xalq tərəfindən bir heyət getməli, onun vücudunun burada lazım olduğunu ərz etməli və gənc şahzadəni Təbrizdə qalmağa razı salmalıdır. Bu barədə sizdən də rica olunur ki, həmin heyətin tərkibinə daxil olub, sabah Şəmsülimarəyə getməyə razılıq verəsiniz. Bu barədə konsula razılıq verdim. Bu təsadüf bizim üçün heç gözlənilməyən bir hadisə kimi idi. Biz çoxdan idi ki, Məmmədhəsən Mirzənin yanına yol tapmağa və onunla tanış olmağa çalışırdıq. Bizim onunla tanışlığımız, çar konsulu tərəfindən düzələn intriqalardan xəbərdar olmadığımız üçün böyük bir vasitə olacaq idi. Mən konsulxanadan çıxdıqdan sonra Məmmədhəsən Mirzəyə nə cür yanaşmaq lazım olduğunu fikirləşirdim. Təbrizdə deyildiyinə görə vəliəhd öz görüşünə gedənlərin əlinə baxır və onlardan hədiyyə gözləyirmiş, çünki bu ona ata-babasından miras qalmış bir adət idi. Vəliəhdlər daim mülkədarlar və tacirlərin verdiyi hədiyyələr hesabına yaşamağa adət etmişdilər. Onlar hədiyyə verilmədiyi və pula ehtiyac hiss etdikləri zaman cürbəcür bəhanələrlə istədiyi adamları cərimə edərdilər. Buna görə də mən konsulxanadan çıxıb evə gəlincəyə qədər və- Həhd üçün qiymətli bir hədiyyə aparmaq barəsində düşünürdüm. Evdə Məşədi Kazım ağa məni gözləyirdi. Ona məsələni anlatdım. O, beş min tümənlik bir bank çekini paket içərisində vəliəhdə təqdim etməmi məsləhət gördü. Mən ona razı olmadım, çünki ona pul verdikdə daima özünə pul lazım olduğu zaman bizə müraciət edə bilərdi. Ona qiymətli bir hədiyyə aparmağı qərara aldıq. Biz ona qiymətli bir saat bağışlamaq istəyirdik, lakin tanışlardan bir çoxu bunu artıq hesab etdi və onun nəqd pula ehtiyac hiss etdiyini və Tehrandan özü ilə bərabər gətirdiyi bir çox qiymətli şeyləri belə bir-bir satdığını əlavə etdilər. nə. Gündüz saat birdə verilən icazəyə əsasən Şəmsülimarənin qapısındaydıq. Siyahı üzrə bizi içəri buraxdılar. Abbas Mirzə dövründən qalan müşavirə salonuna daxil olduq. Mən bu salonla çox maraqlanırdım. Buranı 9-cu ilin axırlarmda görmüşdüm. O zaman bu salon öz əzəmətini itirməmişdi. Qacar şahzadələri XIX əsrin ortalarında tikilən bu binanın sənət və memariyyə nöqteyi-nəzərindən olan incəliyini saxlamışdı, lakin son zamanlar tanınmaz bir xarabaya çevrilmişdi. Şəmsülimarəni vəliəhdin Təbrizə gəlməsi münasibətilə təmir etmişdilər, lakin nə təmir üçün keçmişdəki ustaları, nə də rəngləri və qiymətli mozaikalara məxsus ləvazimatı tapa bilməmişdilər. Nadir şahın başındakı tac və tacın üzərindəki brilyantlar, Fətəli şahın kəmərinin toqqasını bəzəyən aləmşümal yaqut, Kərim xan Zəndin sarığının büküşləri, hətta Ağa Məhəmməd xanın acıqlı çöhrəsinin qarışıqları da əvvəlki kimi deyildi. Qolları qırılmış yüz şamlı çilçıraqlar, tavanda qanad-qanada çalıb «uçuşan pərilərə, qabartmaları qopan sütun başları, əlvan şüşəli pəncərələrin təzədən salınmış şüşələri, kəhrəba rəngli mərmərlərin sınıqları, tacir evlərindən gətirilən əmanət xalçalar, rəngindən, çöhrəsindən ehtiyac və yoxsulluq oxunan xidmətçilər, qəlyanlar, stəkanlar... hər şey deyirdi ki, Şəmsülimarə XIX əsrin əvvəllərindəki Şəmsülimarə deyildir. Salonda oturmaq üçün döşək əvəzinə təzə kürsülər qoyulmuşdu. Şahzadə Məmmədhəsən Mirzə salonda deyildi, heyəti vəliəhdin peşəkarı Nizamülmülk qəbul edirdi, hamının gözü vəliəhdin gələ- «əyi otağın qapısında idi. Saat ikidə şahzadənin gəldiyini xəbər verdilər. Hamı ayağa qalxdı, vəliəhd içəri girərkən: – Salaməleyküm, ağalar! – azərbaycanca dedi!. Heyət üzvlərini ayaq üstündə uzun dəqiqələr saxlamamaq üçün sürətlə gedib yerində oturdu və: – Ağalar, əyləşin, zəhmət çəkməyin! – dedikdə hamı oturdu. Şahzadə başı ilə cərgədə əyləşənləri bir daha salamladı və: – Ağalara qəlyan, çay gətirin! – deyə əmr etdi. Xidmətçilər əllərində qəlyan salona daxil oldular. Adət üzrə vəliəhd Təbrizə gəldikdən sonra təzədən təşkil olunmuş dEtizadiyyəə adlı musiqi dəstəsi də həyətdə çalırdı”. Mən gənc şahzadəyə diqqətlə baxırdım, onun oturuşu, baxışı və bütün hərəkəti əsir və təhqir olunmuş bir gənci xatırladırdı. Doğrudan da, şahzadə gülünc bir vəziyyətdə idi. O bir tərəfdən Tehran hökuməti, o biri tərəfdən də Azərbaycanı işğal etmiş olan çar konsulunun əlində oyuncaq idi. Bundan əlavə özünün peşəkarı hesab olunan Nizamülmülkün də işlərinə qarışmağa səlahiyyətdar deyildi. Mən onun simasını başdan-ayağa gözdən keçirdikdə: cAzərbaycanda ölmüş istiqlaliyyətin qəbri üzərində qoyulan bu şərəfsiz heykəl sönməkdə olan Qacar xanədanının son vəliəhdidirə deyirdim. " Məmmədhəsən Mirzə Təbrizdə Məmmədəli Mirzənin siğəsindən doğulmuşdu. Buna görə də Əhməd Mirzə padşahlıq mirasına ondan əvvəl nail olmuşdu. Məmmədhəsən Mirzə Təbrizdə böyüdüyü üçün daim azərbaycanca danışırdı. 2 Etizadiyyə musiqi dəstəsi bütün İranda musiqi sənəti sahəsində məşhur idi. Bu dəstə Etizadilsəltənə ləqəbi ilə çağrılan Məmmədəli Mirzə tərəfindən düzəldilmişdi. Vəliəhd nə papiros, nə də qəlyan çəkirdi. O, yanında oturan Nizamülmülk ilə istər-istəməz söhbət edirdi. Nəhayət, o, başını qaldiri» heyət üzvlərinə müraciət etdi: – Ağaların təşrif gətirmələrindən xeyli məmnun oldum, lakin ağaların nə məqsəd üçün gəldiyini bilmirəm. Vəliəhdin bu sözündən sonra Hacı Fərəc Sərrafın oğlu Hacı Mirzağa qalxıb baş əyib danışmağa başladı: – Heyət, həzrət vala vəliəhdə xalqın sədaqət və salamını yetirmək üçün hüzurunuza gəlibdir. Xalq özünü həzrət vala vəliəhdin təşrifi ilə məsud və bəxtiyar hesab edir. Mən vəliəhdin Hacı Mirzağaya nə kimi cavab verəcəyi ilə maraqlanırdım. Məncə, o, Hacı Mirzağanın çar təbəəsi olduğunu bilməmiş deyildi. Mən bu düşüncəmi bitirmədən vəliəhd Hacı Mirzağaya sual verdi: – Cənab ağa hansı xalqın salamını gətirmişdir? Bizim səmimi qonşumuz olan imperator təbəələrinin salamınımı gətirmişsiniz? Vəliəhdin bu sözü Rusiya hökumətinə qarşı bir düşmən kimi deməsinə baxmayaraq, Hacı Mirzağa onun nə dediyini anladı, buna görə də əllərini döşünə qoyub, başını əydi və yerində oturdu. Məclisə pozğunluq verməmək üçün ayağa qalxıb icazə istədim: – Həzrət vala vəliəhd icazə versəydi, heyətin nə məqsədlə gəldiyi barəsində bir neçə kəlmə ərz edərdim. Vəliəhd mənim İran taciri qiyafəsində olmağıma baxmayaraq, bir avropalı kimi ayağa qalxdığımı görüncə: – Buyurun! Buyurun... Cənab ağanı eşidirəm! – dedi. – Həzrət vala vəliəhdin hüzuruna gələn bu heyət Azərbaycanda yaşayan və sülh-səlaməti sevən bütün xalqların tərəfindən gəlmiş və onların sədaqətli salamını gətirdikləri gündən bəri bütün Azərbaycan xalqı ölkənin həqiqi bir hökumət iradəsi ilə yaşadığını hiss edir və bununla da şadlanır. Lakin son günlər xalqımız həzrət vala vəliəhdin Azərbaycanda qalmaq istəmədiyini eşitdiyi üçün bu heyəti sizin hüzurunuza göndərmişdir. Azərbaycan xalqı gənc şahzadəyə bir cəhətdən kömək göstərəcəyini və hərgah məmləkəti idarə etmək işində bir çətinlik vardırsa, o çətinliyi ümumi və müştərək qüvvətlə rəf edəcəyini vəd edir. Təbriz xalqı şahzadənin ata-babasına sədaqət göstərdiyi kimi, özünə və həmin köməyi göstərməyə hazırdır. Vəliəhd məni çox diqqətlə dinləyirdi, mən beş dəqiqəyə qədər danışdım, vəliəhd mənim cavabımda: – Həqiqətdə mən Təbriz xalqının köməyinə ümid bağlayaraq bu ağır vəzifəni boynuma götürdüm, mən bura gələn gündən də xalqın nümayəndələrinə öz məqsədimi anlatmaq istəyirdim. Biz Təbrizdə doğulmuşuq, Təbrizdə də böyümüşük, onun üçün də Təbriz xalqını sevirik. Allah şahiddir ki, nə mən, nə də qardaşım Əhməd şah təbrizliləri bir gün də olsa unutmamışdıq. Təbriz bizim vətənimizin ən qiymətli və ən əziz bir hissəsidir. Biz öz məmləkətimizin səadətini və xalqımızın rahətini məşrutə üsuli-idarəsində gördüyümüz üçün bu üsulun müdafiə edilməsinə and içmişik. Madam ki, Təbriz xalqı bizə öz köməyini vəd edir, biz də öz növbəmizdə bu qəddarlığı qıymətləndirməliyik. Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük, indi mən də, qibleyi-aləm də haman yolu davam etdirməkdəyik. Xalqımıza salam yetirib, mənim tərəfimdən buyurun ki, millətin səadəti hər nəyi tələb edirsə, onu həyata keçirməyə çalışacağıq. Vəliəhd sözünü bitirdikdən sonra Nizamülmülk də danışdı. O da həmin sözləri dedi. Onların danışıqları doğru və səmimi olsa belə, biz onlardan heç bir müsbət nəticə gözləmirdik. Vəliəhdin Təbrizdən getmək istəməsinin başlıca səbəbi, özünün Təbriz səfərindən gözlədiyi nəticələri əldə edə bilməməsi idi. Gənc vəliəhd Təbrizi Məmmədəli Mirzə dövründə gördüyü Təbriz hesab edirdi. Əvvəla, Məmmədəli Mirzə dövründə Təbrizdə çar nüfuzu hazırkı şəkildə deyildi. Yerli hökumət 1828-ci ildə İran – Rusiya arasında bağlanmış Türkmənçay müahidəsinə əsasən, yarımmüstəqil bir şəkildə olsa da, məmləkəti idarə edə bilmirdi. Məmmədəli şah vəliəhd olduğu zaman Təbrizdə Əmir Nizamların və peşəkarların mövcud olduğuna baxmayaraq, məmləkətin idarə işlərini tamamilə öz əlinə almışdı, hətta tacirlər arasında mövcud olan ticarət ixtilafları da Məmmədli Mirzənin şəxsən özü tərəfindən həll edilirdi ki, bu kimi ixtilafların həll edilməsində də Məmmədəli Mirzə müəyyən para almış olurdu. İndisə bunların heç birisi yox idi, az-çox rüşvət almaq mümkündüsə, onu da Nizamülmülk özü qamarlayır, gənc vəliəhdə bir şey dadızdırmırdı. Gənc vəliəhd Azərbaycandan yığılacaq vergilərdən də bir şey əldə edə bilmirdi, çünki bütün vergilər İranın Rusiyaya olan borcünun faizlərini ödəmək üçün Rus-İran İstiqrazı bankına verilirdi. Bütün bunları nəzərə alanda vəliəhd ancaq Tehrandan aldığı müəyyən maaşla yaşamağa məcbur idi. Yalnız vəliəhdin özü deyil, onun yanınca gələn xidmətçilər və nökərlər də böyük mənfəət mənbəyinə gəldiklərini düşünürmuşlər, çünki əvvəllərdə vəliəhdin məclisində ixtilaflı məsələlər həll edilən bir çox adamlar vəliəhdin özünə rüşvət vetdiyi kimi, onun böyük rütbəli xidmətçilərindən başlamış nökərlərinə, hətta qapıçısına qədər çay pulu verirdilər. Biz qalxıb getmək istəyərkən vəliəhd sanki heyət üzvlərindən bir hədiyyə bəkləyən adam kimi əlimizin hərəkətinə baxırdı. Mən gənc şahzadəyə başımla təzim edib ayrılmaq istədikdə, içində beş min tümənlik çek olan paketi dəyirmi mizin üstünə qoydum, başqaları heç bir şey gətirməmişdi. Biz isə vəliəhd ilə əlaqə saxlamaq və onun işlərini öyrənmək üçün ona bu hədiyyəni verməyi qərara almışdıq. Biz qapıdan çıxarkən dönüb geriyə baxdıqda mizin üstünə qoyduğum paketi vəliəhdin əlində gördüm. * * * Sərdar Rəşidin Zəncan şəhərində teleqrafxanaya girərkən öldürülməsi və qatilin ələ düşməməsi ildırım sürəti ilə Təbrizin hər tərəfinə yayıldı. Cümşüd sərdar Rəşidi vurub qaçdığı zaman meyidin yanında bu məzmunda intibahnamələr qoymuşdu: €Çar nökərlərinin və öz vətənini satanların cəzası budurlə Bu intibahnamələr Təbrizə də gətirilmiş və çar konsuluna və vəliəhdə də verilmişdi. Özünü çar himayəsində elan etməklə İran kəndlisini və İran camaatını talamağa adət edən xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi. Çar konsulu Nizamülmülkü yanına çağırıb ciddi tədbirlər görülməsini və çar himayəsində olanların müdafiəsini təşkil etməyi tapşırırdı. Elə bu günlərdə vəliəhdin qulamı bir məktub gətirib məni Şəmsülimarəyə çağırmışdı. Məncə, bu çağırış beş min tümən barəsində razılıq etmək üçün idi, lakin Məşədi Kazım ağa bu dəvətə tamamilə başqa cür məna verirdi. – Mən bu it uşaqlarının ata-babasını tanıyıram, bunlara ki, üz verdin, daha dilənçi kimi yaxandan əl çəkməzlər, – deyirdi. Mən Məşədi Kazım ağanı sakit etmək üçün: – Eyb etməz, bu alış-verişdir, verdiyimiz pulların müqabilində bir çox şey əldə edə biləcəyik, – deyirdim. Axşam saat doqquz idi. Mən Şəmsülimarəyə getdiyim zaman vəliəhdi həyətdə gördüm. O, gülləri sulamaqda olan bağbanla danişır və bu binada keçirdiyi uşaqlığını xatırlayırdı. Mən də onlarla bir qədər dolanıb cürbəcür gül kollarına tamaşa etdim və başqa yerlərdə təsadüf etmədiyim bir çox çiçəklərin adlarını soruşdum. Saat onda bağçadan qayıdıb yazı və məşğuliyyət otağına gəldik. Vəliəhdin yazı stolunun üstündə bir neçə dərs kitabı gördüm, diqqətimi cəlb etdi, bunu vəliəhd özü də anladı. – Madan ki, biz Rusiya ilə qonşuyuq, madam ki, müştərək mənfəət daşıyırıq, o zaman onların dillərini də öyrənməliyik. Bu barədə cənab general-konsul da mənə kömək verir, bir həftədirki, yanıma bir nəfər rus müəllimi təyin etmişdir. – Gözəl fikirdir, – dedim, – biz öz qonşularımızla onların öz dilində danışmalıyıq. – Cənab müəllim Yemelyanovun özü də çox diqqətli bir adamdır. Mən Yemelyanovu çoxdan tanıyırdım, o, Tiflisdə bir çox inqilabi təşkilatları kəşf etmək üçün çalışmış, 4 və 5-ci illərdə Bakidakı inqilabi hərəkatı boğmaq üçün göndərilmiş məşhur çar iandarmı Runiçin şagirdlərindən idi. Şübhəsiz ki, çar konsulu tərəfindən vəliəhdə müəllim təyin edilən Yemelyanov vəliəhdin sarayına kimlərin gedib-gəldiyini konsula xəbər verəcək idi. Bu vəziyyət məni düşündürdü. Burada çar yandarmı ilə üz-üzə gəlmək məcburiyyəti var idi. Bu barədə də düşünmək sonranın işi idi. Hələlik vəliəhdin məni nə üçün çağırdığını bilmək lazım idi. Çay gətirdilər, qəlyan təklif etdilərsə də mən təşəkkür edərək, buna adətim olmadığını söylədim. O, papiros çəkməyə icazə verdi, özü də bir papiros çəkdi. – Mən öz razılığımı bildirmək üçün sizi bura dəvət etmişəm, lakin elə bilməyin ki, bu razılıq beş min tümən pul üçündür. Mən sizin qədrdan bir zat olduğunuzu bildiyim üçün razılıq verməyə və təşəkkür etməyə çağırmışam. Sizinlə bərabər mənim görüşümə gələnlərin bir çoxu vaxtı ilə bizim xanədanın süfrəsi başında vaxtını keçirənlər, ata-babamızın mərhəmətinə nail olanlar və bizim sayəmizdə əlinə böyük dövlət salanlar idi. Onlar mənim görüşümə bir dəstə gül və bir lumu ilə də gəlmədilər. Bunları nəzərə alaraq sizin bu qədər qədrdanlığınızı təşəkkürsüz buraxmaq istəmədim. Onlar Rusiya hökumətinin xoşuna getmək üçün bizi istiqbal etmədilər. Bizi şəhərin dilənçiləri və bazar əsnafi istiqbal etdi. Heç olmasa köhnə dostlarımız çar konsulunun bizə göstərdiyi ehtiram qədər hörmət göstərəydilər. Mən vəliəhdlə bu mövzu üzərində danışa bilmirdim. Çünki onun özünə də etibar etmirdim. Onun taxt-taca malik olan qardaşı ruslardan vətənini satmaq müqabilində yüz min tümən aldıqda, onun vəliəhdi də çar konsulundan ala biləcəyi az bir miqdar pul müqabilində bizim kimi yüzlərlə adam sata bilərdi. Bunun üçün də vəliəhdin başladığı mövzudan boyun qaçırmaq məqsədilə dedim: – Cənab konsulun həzrət vala vəliəhdə nisbət ehtiramı dost bir dövlətin himayəsindən gözləniləcək qədər böyük və qiymətlidir. Həqiqətdə də biz öz qonşumuzun bu məhəbbətini təqdir etməliyik. Mən bu cür boş və uyğun olmayan sözlərdən xeyli danışandan sonra gənc şahzadə mənim bu söhbətdən boyun qaçırdığımı hiss edərək xəfifcə güldü və: – Mən sizinlə bir iranlı kimi danışıram. - dedi. – Mən diplomat deyiləm, diplomat dili ilə danışanları da heç sevmərəm. Siz də haqlısınız, indi bu gözdən o biri gözə etibar yoxdur. Ancaq siz onu bilməlisiz ki, bizim xanədanımızın yerinə başqa bir xanədan gəlirsə, o yenə də öz xainlərini əfv etməyəcəkdir. Siz mənə inanın. Mən öz məmləkətimin xaini deyiləm. Bu torpağa bir vətən kimi hörmət bəsləyənlər mənə qardaşımdan da əzizdir. Siz mənə etibar ediniz. Mən məmləkətin əsirliyinə soyuqqanlı baxan adamlardan deyiləm. Hər kəs nə edir və nə düşünürsə bilirik. Hərgah buna qarşı sükut göstəririksə. O da müəyyən bir məcburiyyətin nəticəsindədir ki, bu da hamınıza məlumdur. Mən yenə də: – Bəndə həzrət vala vəliəhdə inanıram, – dedim. - Eyni zamanda həzrət vala vəliəhdin bir az ehtiyatlı olması da lazımdır, çünki siz dost bilib sirrinizi verdiyiniz bir çox adamlar vardır ki, onlar sizi bir qarın yeməyə sata bilərlər. Vəliəhd: – Qeyrətinizə qurban! - dedi. – Elələri vardır. Bunu mən də sizə məsləhət görürəm, çünki indi öz şəxsi mənfəətini nəzərdə tutmayanlar çox az tapılar. Sizin təbrizli olub-olmadığınızı bilmirəm, hər halda bizim özümüz də təbrizliyik, buna görə də şəhərimizdə yaxşı və namuslu adamlarla bərabər, üzüdönük və qanısoyuq adamların da olduğunu bir kərə daha boynumuza almalıyıq. Bütün bu söhbətlərdə vəliəhd məndən başladığı mövzuya dair müəyyən bir fikir əldə etməyi bacarmadı, nəhayət, başqa məsələ üzərinə keçərək dedi: – Sərdar Rəşidin vurulması da bir hadisədir. Bu hadisə göstərir ki, məmləkətdə mövcud olan gizli təşkilat qorxulu təşkilatdır. Onların buraxdıqları intibahnamə onların məqsədini aydınlaşdırır. Orada vətən xainlərinin cəzasına çatacağı qeyd olunur. İndi elə bir vaxtdır ki, bir şübhə üzərinə insanın adını vətən xaini qoyub məhv edə bilərlər. Buna görə də cənab sərkar yeri gəldikdə bizim öz məmləkətimizə və məşrutəyə sadiq olduğumuz barəsində əkari-ümumiyyəni hazırlamalıdır. Vəliəhd bu son cümlələri ilə yuxarıdan bəri öz xanədanlarının sədaqətinə dair dedikləri sözlərin mənasını aydın etdi. Sərdar Rəşidin ölümü və onun ölümünə dair buraxılan intibahnamə vəliəhdin ürəyinə böyük bir qorxu salmışdı. Vəliəhdin axşamdan bəri dediyi sözlərin bu məsələ üçün bir zəminə olduğunu anlayaraq: – Əlbəttə, həzrət vala vəliəhd bu məsələni tamamilə öz vaxtunda meydana atmışdır, – dedim. – Əfkari-ümumiyyə necə ki, keçmişdə, elə də hazırkı zamanlarda birinci vəzifəni ifa edir. Lakin həzrət vala vəliəhdin özü də məmləkəti sevdiyini işdə və həyatda göstərməlidir. Biz də bu barədə yeri gəldikdə danışar və hazırda həzrət vəliəhdin söhbətlərindən aldığımız müsbət təsirlərlə əfkari-ümumiyyəni hazırlarıq. Çox danışdıq, söhbətlərin gedişindən vəliəhdin məndən razı qaldığını hiss edirdim, çünki bir neçə kərə vaxtın keçdiyini işarə etdiyimə baxmayaraq, o məni buraxmadı, mən də açıq-açığına getmək istədiyimi deyə bilməzdim. Böyük adamların hüzurunda olanlar. Ev sahibi cmürəxxəssinizə demədən qalxıb gedə bilməzlər. Mən də bu adətə riayət edərək oturdum. Gecə saat bir oldu, vəliəhd belə bir sual verdi: – Nə kimi mövzuda danışmağı sevirsiniz? – Siyasi məsələlərlə əlaqədar olmayan tarixi, bədii və aşiqanə söhbətləri sevirəm, – dedim. – Şeiri sevirsinizmi? – Yorulduğum zaman şeir oxumağı sevirəm, ancaq özgəsinin oxuması şərti ilə. – Musiqini də sevirsinizmi? – Onu hər kəs sevir! Bu sözdən sonra vəliəhd stolun üzərindən zəngi basdı, azdan sonra üzü qırışmış və qocalmış bir xacə içəri girdi. Vəliəhd: – Şam hazırlasınlar! – dedi. Xacə baş əyib getdi. Mən sanki tikan üstündə oturmuşdum, heç də burada uzunuzadı oturmaq istəmirdim, çünki vəliəhd ilə çar konsulxanası arasında bir ixtilaf çıxdığı zaman biz də şübhə altına düşə bilərdik. On beş dəqiqədən sonra xacə gəlib: – Şam hazırdır! – deyə qabağa düşdü, biz də qalxıb onun dalınca gedirdik. Çılçıraqlarla işıqlanmış otaqları keçdikcə Məmmədhəsən Mirzə məlumat verirdi: – Bu otaq rəhmətlik Naibissəltənənin yazıxanası idi. Bu divanxana otağı idi. Burada Məmməd xan Qacar bir il yaşamışdır. Burada Müzəffərəddin mərhumun yataq otağı idi. Bura bizim bədbəxt atamızın yazıxanası idi. Bura Abbas Mirzə Naibissəltənənin kitabxanası idi. Vəliəhd iyirmiyə qədər otağın adını saydıqdan sonra böyük bir salona girdik. – Bura da Naibissəltənə dövründən bəri qonaq otağıdır, – dedi. İranda adət olduğu kimi şam süfrəsi xalçanın üzərinə yox, Avropa qaydası ilə stol üzərinə döşənmişdi. Yemək dəsgahı iki adamlıq idi. Lakin düzələn yeməklər iyirmi adama çatardı. Stolun üstündə cürbəcür içkilər də var idi. Biz hələ yeməyə başlamadan qapı açıldı. Beş nəfər əllərində musiqi alətləri içəri girdilər. Oturdular və heç bir əmr olmadan alətlərini kökləməyə başladılar. Bir az keçəndən sonra beş nəfər qadın içəri girdi və onlarda oturdular. Lakin bunları görmək mənim üçün heç də təəccüblü deyildi, çünki mən İran pağşahları və İran vəliəhdlərinin nahar və şam yeməyini musiqi tərənnümləri ilə yediyini Təbrizə gəlməzdən əvvəl də eşitmişdim. Mən çalan qadınları Təbrizdə görmüşdüm. Onların vaxtı ilə həmin bu sarayda Məmmədəli Mirzə üçün çaldıqlarını bilirdim. Lakin oynayan və oxuyan qızlar vəliəhdlə bərabər Tiflisdən gələn qızlar idi. Bunu vəliəhdin özü də söz arasında söylədi Onlardan birisi Səmən Laləzari, ikincisi Düxtəri-naz, üçüncüsü xanım Dilfərib, dördüncüsü Ərusi-Cahan, beşincisi Zəhrayi- Mahtabdan ibarət idi ki, üç əvvəlincilər rəqqasə və iki axırıncılar xanəndə idilər. Mən yenə də İran qadınlarının rəqslərini xoşlamadım, onlar, adətləri üzrə, bədənlərinin müəyyən hissələrini, məsələn, başı, döşləri və yaxud ombuzları və göbəyi oynatdıqları üçün olduqca gülünc bir vəziyyət alırlar, onların bu hərəkəti oynamaqdan daha artıq oyunbazlığa və sirk aktyorlarının hərəkətinə yaxındır. Lakin İran qadınının oxuması insanda elə bir bədii hiss oyandırır ki, o hissi çox az xalqın oxuyanlarından almaq mümkündür. Biz yeməyə başlarkən xanım Dilfərib oynayırdı. Bu gənc qadın həddindən artıq gözəl olduğuna baxmayaraq, öz hərəkətləri ilə insana bir rəqsdən gözlənə biləcək təsiri verə bilmirdi. Dilfərib vəliəhdə baş əyib oturandan sonra Ərusi-Cahan oxumağa başladı. Farsca oxuyur və sanki öz sözlərində o, bir dəqiqə bundan əvvəl oynayan xanım Dilfəribin gözəlliyini öz şeirlərində təsvir edirdi: Asiman gər zigiriban qəmər avürdə burun, Əzgiribani to xurşid sər avürdə birun! Və təmaşəyu xətü, xalu, ruxi çun qəmərət, Diləm əz revzənəyi didə sər avürdə birun!. Gecə saat dördə yaxın gənc şahzadənin şam yeməyi bitdi, o məndən tez-tez görüşmək üçün söz aldıqdan sonra: – İndi mürəxxəssiniz! – dedi. Mən izhar-təşəkkür edib çıxdım, fayton məni axşamdan bəri gözləyirdi, minib evə qayıtdım. Lakin vəliəhd ilə bu görüşmənin bizim üçün ucuz oturmayacağını bir daha öz qəlbimdə təkrar etdim. ) Əgər asiman öz yaxasından ay çıxarıb göstərirsə, Sənin yaxandan günəş baş verməkdədir. Sənin aya bənzər camalına tamaşa etmək üçün, Qəlbim gözümün bacasından çıxıb baxır. (Əsər tehranlı şair Abbasındır. ) * * * Qorxu Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi. Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı. Gecələr çar himayəsinə girərək təbrizlilərə ağalıq edənlərdən bir nəfər də olsa küçələrdə görünmürdü. Baş iş Təbrizdə inqilabi ruhun yüksəlməsinə də səbəb olmuşdu. Sərdar Rəşidin öldürülməsi xəbəri hamıdan artıq Təbriz qarnizonunun rəisi polkovnik Berezovskini düşündürürdü. O bu xəbəri alan kimi, mənim ona dediyim bir cümləni xatırladı: Siz əmin ola bilərsiniz, sərdar Rəşid Tehrana getməyəcəkdirə. O, təkcə Əbdülhəsənbəyi yox, böyük bir təşkilatı gizləmiş olduğunu düşünərək titrədi. Bu təşkilatı həbsə aldırmaq və bu sirri bir nəfərə açmaq fikrindən vaz keçmişdi, çünki yubanmışdır, o bizi sərdar Rəşiddən bu məlumatı aldığı dəqiqələrdə həbs etmiş olsaydı, sərdar Rəşidin diri qalmasına da imkan yarada bilərdi. Hazırda o, sərdar Rəşidin ölümündən gələn məsuliyyəti də öz öhdəsinə götürürdü. O, gecələri yatmırdı, öz vəzifəsinə, öz çarına, onu soldatlıqdan polkovnikliyə qaldıram üsuli-idarəyə xain çıxdığını xatırladığı zaman diksinərək yerindən qalxır, araq içir, sərxoş olub yenə də yatırdı. O, gündüzləri işə çıxmırdı, alayın qərargahına getmirdi, qarnizonun vəziyyətindən xəbərdar deyildi, özünü bu ləkədən nə cür təmizləyəcəyini təmin edə bilmirdi. Bəzən o, baş hərbi dairələrə ərizə verib vəzifəsindən çəkilməyi düşünürdü, lakin mümkün deyildi, çünki belə çətin bir zamanda polkovnik Berezovski kimilərinin və daha açığı, bütün varlığını çar mütləqiyyətini müdafiə uğrunda qurban verməyə hazır olan bir fandarmın işdən boyun qaçırması böyük şübhəyə səbəb ola bilərdi. Nəhayət, o, bir həftəlik əziyyətdən sonra, daha açığı, dəlilik dərəcəsinə gəlmək ərəfəsində şad bir xəbər aldı ki, o, xəbər də bundan ibarət idi: çar konsulu Təbrizin qorxulu bir vəziyyətdə olduğunu, cəbhələrdəki məğlubiyyət xəbərinin Təbrizdə çar nüfuzunun düşməsinə səbəb olmasına, Təbriz y)andarm təşkilatının bu çətin vəziyyətin altından çıxa bilməməsini nəzərə alaraq, andarm təşkilatı rəisliyinin Krılova tapşırılmasını qərara almışdı. Eyni zamanda Təbriz qarnizonunu təşkil edən Berezovski alayını Türkiyə cəbhəsinə göndərib, yerinə başqa bir alayı təyin edirdi. Berezovski bu xəbəri rəsmi surətdə aldığı zaman məni evinə çağırdı. Onu çox şad gördüm. O məni görən kimi qalxıb qucaqladı, əllərimi sıxdı və: – İndi məni təbrik edə bilərsiniz! – dedi. – Mənim alayım Təbrizdən cəbhəyə gedir. Zənn edirəm ki, bu cəbhə də mənim üçün əlverişli cəhhədir. Zənn edirəm ki, mənim dostum bir neçə aydan sonra məni bir polkovnik Berezovski kimi yox, bir general-leytenant kimi görəcəkdir. Mən polkovnikin əlini sıxıb təbrik etdiyim zaman o da əlini portfelinə uzadıb bir kağız çıxarıb qoydu: – Mən də sizin təbriklərinizə qarşı bu hədiyyəni sizə verirəm, – dedikdə mən kağızı açıb baxdım. Kağız bizim həbs olunmağımız üçün sərdar Rəşid tərəfindən çar yandarmına yazılan məktubdan ibarət idi. Məktubu tarixi bir vəsiqə olaraq saxladım və bu barədə Berezovskiyə razılıq etdikdə, o əlavə etdi: – Siz çox qorxulu bir işlə məşğulsunuz. Mən Təbrizdən gedəndən sonra bu qorxu daha da ağırlaşacaqdır, çünki mənim yerimə təyin olunan Krılov çox barışmaz adamdır. Siz mənim xatirim üçün də ehtiyatlı olmalısınız, çünki siz ifşa olunduğunuz zaman mənim sizə güzəştə getdiyim də meydana çıxar. – Siz əmin ola bilərsiz, bizim hərəkatımızdan sizin rütbə və vəzifənizə heç bir zərər toxunmaz. İndi buyurun görüm siz ailənizi də özünüzlə bərabər götürürsünüzmü? – Xeyr! Mümkün deyil, onları bura sizin himayənizə buraxıram. – Əmin ola bilərsiniz. Onlara sizin özünüzdəndə yaxşı baxaram, indi bu himayə mənim üçün vicdani bir borcdur. Mən sizdən heç bir )andarmdan gözlənilməyəcək yaxşılığı gördüm. – Amma mən heç vaxt özümü bağışlamayacağam, çara xəyanət etmişəm... Berezovski uzun danışa bilmədi, çünki onun qızları və arvadı gəlməyimi eşidib hamısı birlikdə görüşümə gəldilər. Onların hadisədən xəbəri yox idi, buna görə də Ksenya dedi: Neçə gündür ki, sizi arzulayırıq, atam da xəstə idi, vəzifəsinə getmirdi, lakin siz nədənsə belə vaxtlarda bizi unudursunuz. Cənab Arşakı da görmək mümkün deyil, atam burada olmayanda siz bizə bundan yaxın idiniz. – Çünki onda atanız burada yox idi, o vəzifə bizim boynumuzda idi, – dedim. Jandarm: – İndi yenə o vəzifə sizin öhdənizə düşür, – dedi. Axşama qədər orada oturub söhbət etdik, sonra vidalaşıb ayrıldım. Bu hadisənin üstündən on beş gün keçəndən sonra bir gün Berezovskinin evinə getdikdə onun qanlı paltarı ilə ağ atının «əbhədən ailəsinə göndərildiyi xəbərini verdilər. * * * Mahrunun toyu O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu. Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi. Mahnurun evdə olan mirasa ehtiyacı yox idi, çünki sərdar Rəşidin bütün qiymətli şeyləri onun əlində idi. Bunu varislər isbat edə bilməsə belə, yenə də şeylərin Mahru tərəfindən mənimsənildiyini bilirdilər. Buna görə də sərdar Rəşidin yaxın qohumlarından Mötəmədüləyalə Mahrunu almaq və onun əlindəki sərvətə sahiblənmək xəyalına düşmüşdü. O. birdə göz qapaqlarını qaldırıb: – Rahat buraxmırlarl - dedi. – Kim rahat buraxmır? – Mötəmədüləyalə yenə də elçi göndərmişdi. – Rədd edin! – Mən rədd edirəm, onlar yaxamdan əl çəkmirlər. Girib evin içində oturmuşlar, hər saat məni narahat edirlər. – Mötəmədüləyalə də həmin evdə olur? – Xeyr, evdə ancaq dörd nəfər qadın vardır. Onların biri Mötəmədüləyalənin bacısı Zəfərşan xanım, üç nəfər də sərdar Rəşidin başqa qohumlarıdır. Onlar məni qorxudur, hərgah razılıq verməzsəm başqa tədbirlər görəcəklərini söyləyirlər. – Qorxma, heç bir şey edə bilməzlər. – Onlarla bərabər bir neçə nökərləri də gəlmişdir, onlardan hər bir şey gözləmək olar. – İndi sənin fikrin nədir? Oradan köçmək istəyirsənmi? – Bunun üçün də sizin yanınıza gəlmişdim. – Əsədin fikri nədir? – Əsəd sizin fikrinizi bilmək istəyir. – İndi ki, mənim fikrimi bilmək istəyirsiniz, mən də xeyir işinizin başlanmasını məsləhət görürəm. Buna sənin öz fikrin nədir? Mahru daha danışmadı. Onun sevincini çöhrəsindəki qırmızılığın tez-tez dəyişməsindən təyin etmək olurdu. Mən Təhminə xanımı Məşədi Kazım ağanın dalınca göndərdim. Bu gün cümə günü olduğu üçün Məşədi Kazım öz ailəsi ilə, Nina da öz Məcidi ilə mənim yanımda nahar edəcəkdilər. Bu qanunü Məşədi Kazım ağa qoymuşdu. Hamı bir yerə yığıldı, Mahru isə bizim nə kimi söhbətlə məşğu! olmaq istədiyimizi bildiyi üçün evdən çıxdı. Məşədi Kazım ağa mənim ağzıma baxırdı. Çünki mən onu bir iş olmadan çağırmazdım. Bizim bütün maliyyə işlərimizə Mirzə Kazım ağa baxırdı. O, inqilab komitəsinin xəzinədarı sayılırdı. O özünün milyon tümən miqdarında sərvətindən başqa, inqilab komitəsinin ona tapşırdığı pullarla da alış-veriş edirdi. Mən onu çox da nigaran qoymaq istəmədim. —Sən həmişə xeyir işi sevən kişisən, – dedim, – yenə bir xeyir işimiz vardır. Məşədi Kazım ağa bu sözümdən şadlandı, o elə bilirdi ki, mən ona yenə də pul qazanmaq yeri göstərəcəyəm. Buna görə də o, adəti üzrə əlini əlinə sürtərək: – Allah səni mənim başımın üstündən əskik etməsin, bir günüm sənsiz olmasın! – dedi. Mən gülərək: – Hələ bir məni eşit, – dedim. – Bəlkə, mən elə xeyir işdən danışacağam ki, bu dualardan heç birisi lazım olmayacaq. Sanki o, bir şey hiss etdi və: – Xeyir iş həmişə mənim mənfəətimə olmaz ki, – dedi və gözlədi. – Əsədin və Mahrunun xeyir işini başlamaq lazımdır. – Başlayaq da, nə deyirəm ki... – Mən istiyirəm ki, yaxşı və layiqli başlayaq. Məşədi Kazım ağa heç bir söz demirdi, durub baxırdı, o yenə də məni gözləyirdi. – Ən əvvəla bina barəsində düşünməliyik, çünki Əsədin öz evi layiqli deyildir. – Bu mənim gözüm üstə. Təbrizdə 17 yerdə bina almışam. Buyurub baxarsınız, hansı birisi layiqlidirsə, Əsədin olsun. – Rasta küçəsində ev verərsənmi? – Birinci bina mənimkidir: biruni, əndəruni, hər nə kefin çəkirsə, var. Balkonu, bağçası, gülxanası... müxtəsər, hər bir şey içində. Onu Əsədə bağışladım, onun toy payı olsun. – Çox yaxşı, bu sənin hədiyyənl Mənim əvəzimdən də onun evinə lazım olan bütün şeyləri hazır etdirərsən. – O da gözüm üstə. – Elə düzəldərsən ki, Mahru binaya daxil olduğu zaman heç bir şeyə ehtiyac hiss etməsin! – O barədə nigaran qalma. Mənim səliqəmi bilirsən kıl Məşədi Kazım elə bilirdi ki, bununla yaxası qurtardı, lakin mən onun sevincinin uzun sürməsinə imkan vermədim: – Mahru üçün toy paltarı hazır etdirmək lazımdır. – Bu da gözümün üstündə. – Toyun başqa xərclərini də öhdənə götürüb bir nəfərə tapşırarsan. Lakin bu pulları öz öhdənə götürməlisən. Bunları Mahrunun sənə tapşırdığı pullar hesabına xərcləməməlisən. – Bütün tapşırıqları verəndən sonra Ninaya tapşırdım: – Mahruya deyərsən ki, bizim fikrimiz onu bir həftənin içində başqa evə köçürtməkdir. O, hazırlıq görməlidir, həm də bu gündən etibarən sərdar Rəşidin evindən çıxıb sənin otağına keçməlidir, daha orada qalmaq qorxuludur. Başına bir hadisə gələ bilər. * * * Son gecə idi. Mahru öz şeylərini sərdar Rəşidin evindən götürüb Ninanın evinə köçəcəkdi. Sərdar Rəşidin varisləri isə bu gün təziyə məclisini yağışdırıb, bir hissəsi Ərdəbil, bir hissəsi Nəmin tərəflərinə gedəcəkdi. Böyük miras aparmaq üçün gələnlərin ümidləri boşa çıxmışdı, çünki kağız valyutaları sərdar Rəşid özü ilə aparmışdı, evdə qalan qızıl, gümüş, cavahirləri isə Mahru xanım mənimsəmişdi. Onlar Mahru tərəfindən mənimsənilmiş zənginliyi əldə etmək üçün Mahrunu Öz qohumlarına almaqdan başqa bir çarə tapa bilmirdilər. Təbrizdə Mötəmədüləyalədən başqa Ərdəbildən sərdar Rəşidin dayısı oğlu Hüseynqulu xan Etimadissultan və qardaşı oğlu Həssami-Ləşgər də Təbrizə gəlmişdi. Bunların hər üçü Mahrunu almaq istəyirdi. Onların hər birisi özünü Mahruya bəyəndirmək üçün gündə nir neçə libas geyir və bir neçə qiyafəyə girirdi. Onların anaları, bacıları səhərdən axşama qədər öz qardaşları və öz oğullarını tərif edir, Mahrunu razı salmağa çalışırdılar. Lakin onlar Mahrunun nə kimi bir mətanətə sahib olduğunu bilmirdilər. (Mirası bölüşdürmək üçün gələnlərin nə məqsədlə özünə evlənmək istədiyini o, çox gözəlcəsinə bilirdi.) Onlar Mahrunun əlindəki sərvəti aldıqdan sonra özünü buraxacaq və həmin sərvətlə də başqa bir aristokratın qızına evlənəcəkdilər. Bu gün Mahru onların hər üçünə qəti cavab verib təkliflərini rədd etmişdi. Etimadissoltan və Həssami-Ləşgər təziyənin bitməsini gözləmədən çıxıb getmişdi, lakin Mötəmədüləyalə məcburən də olsa, Mahrunu izdivaca razı etməyə çalışırdı. O öz bacısı Zəfərşan xanımın vasitəsilə Mahrunu qaçırmaq hazırlığında idi, Gecə təziyə bitdikdən sonra Mahru evi tərk edib Ninanın mənzilinə köçüb gələcək, varislər isə qapıları bağlayıb binanı öz sahibinə təhfil verəcəkdi. Mötəmədüləyalə Mahrunu götürüb qaçmaq işini öz nökərləri naib Vəliyə tapşırmışdı. Mahru Ninanın evinə yığışıb gəlmək üçün sərdar Rəşidin evindən küçəyə çıxdığı zaman Mötəmədüləyalənin bacısı Zərəfşan da onunla küçəyə çıxacaq və qapıda duran faytona işarə verməklə Mahrunun qaçırılması üçün Mötəmədin nökəri naib Vəliyə kömək edəcəkdi. Saat doqquz idi, Təbrizin bu mövsümündə görünməyəcək şiddətlə yağış yağırdı. Qaranlıq idi, fənər üzü görməyən Təbriz küçələrini ancaq dəhşətli ildırımlar çaxdığı zaman görmək mümkün idi. Onsuz da gecə küçələrə çıxmağa adət etməyən Təbriz əhalisi, şiddətli yağış səbəbinə başını qapısından bayıra çıxarmırdı. Küçələrdə arabir insana təsadüf edilirdisə, onlar da şəhərin mərkəzindən evinə qayıdan dilənçilərdən ibarət idi. Biz Mahrunun tapşırığına görə axşam saat doqquzun yarısında onu gətirmək üçün Məşədi Kazım ağanın faytonunu sərdar Rəşidin qapısına göndərmişdik. Mahrunu gətirmək üçün Əsədin özü getmişdi. Əsəd Məşədi Kazım ağanın faytonu ilə sərdar Rəşidin qapısına yetişdiyi zaman orada başqa bir fayton durduğunu gördü. O bu faytondan heç də şübhələnmədi, sərdar Rəşidin evində başqa qonaqlarin olduğunu düşünərək burada qeyri-təbii heç bir şey zənn etmədi. Əsəd fatyonda xeyli oturdu, Mahrunun yubanması və vədə verdiyi saatda bayıra çıxmaması Əsədi şübhəyə saldı. Saat on tamama iyirmi dəqiqə qalmış sərdar Rəşidin qapısı açıldı, qara kölgə kimi iki nəfər qadın bayıra çıxdı. Onlardan birisi ucaboylu Mahru, ikincisi isə ortaboylu Zərəfşan xanımdan ibarət idi. Qadınlar qapıdan çıxıb bir an dayandılar, faytonları yoxlamaq üçün bir neçə saniyə baxdılar. Mahru uzaqdan, kənarda duran faytonun fənərlərində qırmızı rəngli yazıları tanıdı, o, Məşədi Kazım ağanın faytonu idi. Zərəfşan xanım Mahrunun hansı faytonla qaçırılacağını təyin edə bilmədiyi üçün tərəddüd içərisində çaşıb qalmışdı. Mahru heç bir tərəddüd etmədən Zərəfşandan uzaqlaşaraq kənarda duran faytona yaxınlaşmaq istədiyi zaman Zərəfşan da onu təqib etdi. Örtülü faytonun qapısı açıldı, Tütünçüoğlu onun əlindən tutub faytona qaldıran kimi faytonun qapısı örtüldü, Zərəfşan orada kimin oturduğunu və Mahrunu faytona qaldıran əlin kimə məxsus olduğunu təyin edə bilmədi. Fayton yola düşdü, Mahru öz sevgilisi və həyat yoldaşı ilə bərabər səadətə və həmişəlik azadlığa doğru getdiyi zaman Zərəfşan durub düşünürdü. O, zənn edirdi ki, Mahru naib Vəli oturan faytona oturdu, onu faytona qaldıran əl dəxi naib Vəlinin əlidir. Zərəfşan xanıma bir an heç təsəvvürəgəlməz bir şadlıq üz verdi. O, indi həm qardaşının gözəl bir arvad aldığını, həm də sərdar Rəşidin tükənməz sərvətini mənimsədiyini düşünərək, şadlığından qabığına yerləşmirdi. O, şad bir ürəklə sərdar Rəşidin evinə dönmək istədikdə qapıda duran ikinci faytona baxaraq şübhələndi. «Bəs bu fayton kimdən ötrü durmuşdur? – deyə fikrə getdi. – Olmaya Mahru əldən çıxdı? Hərgah bu fayton naib Vəli gətirən faytondursa nə üçün Mahrunun başqa faytona oturmasına imkan verdi, nə üçün o, səsini çıxarmadı?) Zərəfşan bu fikirlər içərisində çırpındığı vaxt bir səs eşitdi: – Zərəfşan xanım, nə üçün yubanırsınız? Zərəfşan bu səsdən diksindi, onun vücudunu bir istilik bürüdü, çünki bu səs naib Vəlinin səsi idi. O, başına vuraraq: – İşi uduzduq, Mahru əldən çıxdı! – deyərək naib Vəlini səslədi: – Naib Vəli, sənsənmi? – Mənəm, xanım! Nə üçün yubanırsınız? – Qızı nə üçün buraxdınız?1 – Qızı buraxmadıq, onu bizim faytonumuz götürüb getdi. Yubanmayın, cənab Mötəməd sizi Əminurriyanın qardaşı evində gözləyir. – Nə üçün? – Qızı Təbrizdən sizinlə bərabər çıxarmaq istəyir. Oturun, vaxt keçir, – dedikdə Zərəfşan da: – Allaha şükür, mən qızın əldən çıxdığını zənn edirdim, az qala ürəyim yerindən qopmuşdu, – dedi. Naib Vəli əlini uzadıb Zərəfşan xanımın əlindən tutaraq faytona qaldırdı. Zərəfşan faytonda naib Vəli ilə sakit oturmuşdu. Yağış onun çarşabını islatdığından onu başından götürüb bir tərəfə qoydu, çünki əyan və aristokratiya ailələrində nökərdən gizlənmək adət deyildi. Dördatlı fayton üzünü şərqə doğru çevirib sürətlə gedirdi. Faytonda Zərəfşan xanım, naib Vəli və fayton sürəndən başqa heç bir kimsə yox idi. Yarım saat davam edən sükutdan sonra Zərəfşan özünü şəhərin mərkəzi olan Rasta küçədə yox, Təbrizin şərqində, şəhərdən çox kənarda hiss edərək, naib Vəliyə sual verdi: – Naib Vəli, bəlkə də, faytonçu yolu azdırmışdır? – Xeyr, xanım, elə iş ola bilməz! Faytonçu bu tərəfləri çox yaxşı tanıyır, o neçə gündür ki, Təbrizdədirl Zərəfşan yenə də sakit oldu. Heç bir səs eşidilmirdi. Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. Zərəfşanın hövsələsi darıxdı, səbri tükənmiş adamlar kimi sual verdi: – Bu zəhrimar olmuş yol bitmədimi? – Tələsməyin, xanım, yolumuz o qədər qalmamışdır. – Biz hara gedirik? – Cənab Mötəmədin buyurduğu yerə. – O, Rasta küçədə deyildirmi? – Bəli, Rasta küçədədir. – Bəs nə üçün biz o tərəfə getmirik? – Çünki düz yol ilə gedə bilmərik, qız qaçırırıq, şəhərin kənarından dolanıb getməliyik. Qız gedən fayton da həmin yol ilə getmişdir. – O fayton uzaqdadırmı? – Xeyr, bizim qabağımızca gedir. – Bir az sürətlə sürün, gedib qızı da bura götürək. Naib Vəli faytonçuya: – Atları qamçıla, xanım atların sürətlə sürülməsini əmr edir, – dedi. Faytonun atları ağzını naqqa balıq kimi açaraq qaçırdı, Zərəfşanın isə qəlbinə heç bir şübhə girmirdi, çünki onun naib Vəlidən şübhə etməyə əsası yox idi. Naib Vəli Mötəmədüləyalənin ən inanılmış adamlarından idi. Naib Vəli cavahir və ipəklərlə bəzənmiş qıza sanki bəzi sözlər demək istəyirdisə, yenə də cürət etmirdi. Nəhayət, Zərəfşan ona müraciətlə: – Naib Vəli, nə üçün danışmırsan? Bəs biz nə vaxt Rasta küçəyə girəcəyik? – Siz mənə bir sözün düzünü deyəndən sonra biz Rasta küçəyə girəcəyik. – Sən nə soruşdun ki, mən düzünü demədim? – And için! – Mötəmədin canı üçün, öz başım üçün doğrusunu deyəcəyəm. – Ev qulluqçunuz Səltənət sizə mənim məktubumu vermişdimi? – Sənə kim ixtiyar veribdir ki, mənə bu sualı verirsən? – Siz indicə düzünü deyəcəyiniz üçün öz başınıza və cənab Mötəmədin canına and içmədinizmi? – And içdim, lakin sən onu bilməlisən ki, mən o məktubu Mötəmədə göstərsəydim, sənin başın kəsilərdil – Burası sizin alicənablığınızdan asılıdır ki, məktubu bir kimsəyə göstərməmisiniz. – İndi ki, sən məni alicənab bir xanım hesab edirsən, o zaman bir nökərin xanıma verə bilmədiyi sualı öz xanımına verməməli idin! – Zərəfşan xanım, nökərçilik və xanımlığı hesaba almayan və onları tanımayan bir şey varsa, o da sevgidir. – Mən sənə məni sevmək üçün icazə vermirəm! – O icazəni mənə verən iki şeydir, birisi mənim qəlbim, ikincisi sizin misilsiz gözəlliyinizdir. – Sən mənim Salar Nizam cənablarına nişanlı olduğumu bilmirsənmi? – Bilirəm. – Sən bilirsən ki, o bir kərə gözünü əysə, yüz sənin kimi naib vəlilər yer üzündən yox olar? – Mən heç ondan aciz oğlan deyiləm. Məni qardaşın Mötəməd çox yaxşı tanıyır. Onu Mötəməd edən də mənəm. Get bunu özünə də xəbər ver. Mən öz məktubumda ədəbsizlik etməmişdim, sizi sevdiyimi yazmışdım, çünki sizi görüb danışmaq mümkün deyildi, ona görə də sizin gözəlliyinizi o məktubda yazmışdım, eyni zamanda öz sevgimi də xəbər vermişdim. İndi isə məktub yazmağa ehtiyac yoxdur, Zərəfşan xanımın özü zəhmət çəkib naib Vəli ilə bir faytonda oturub gedir. – Sən dəlisən, nəsən?) Özgənin nişanlısına sevgi elan etmək caizdirmi? – Sənin qardaşın başqasına nişanlanmış qızı götürüb qaçmaq istəmirdimi? – Qardaşım həmin qızı başqa səbəblərə görə qaçırmışdır. – Hərgah o həmin qızı qaçırmağa müvəffəq olmamışsa, mən səni gözəlliyin və dünyada misli görünməyən bir qız olduğun üçün qaçırmışam. – Mən sənə bu cür sözlər danışmağa icazə vermirəm! – Siz icazə verməsəniz belə hazırkı vəziyyət buna icazə verir. Zərəfşan xanım ancaq bu sözdən sonra özünün naib Vəli tərəfindən qaçırıldığını anladı və iki əlləri ilə başına vuraraq: – Vay, ana! Mən haradayam, - qışqırdı. Bu sözdə naib Vəli onu qolları arasına alaraq: – Qorxma! – dedi. – Sən naib Vəlinin, səni sevən bir cavanın qolları arasındasanl – Bu sözlərdən sonra naib Vəli onun dodaqlarından öpərək: – Qorxmaq lazım deyil, özün düşün, Salar Nizamın harası məndən artıqdır? O, rəhmsiz, vicdansız, gündə yüzlərlə kəndlinin qətlinə fitva verən zalımın birisidir. Onun nə kimi sevgisi ola bilər? Mən isə səni öz anamın yanına aparacağam. O səni öz qızı kimi sevəcəkdir. Nökər olduğuma baxma, səni yaşatmağa imkanım vardır. Tayfam da böyük tayfadır. Nə Mötəməd, nə də Salar Nizam bizim tayfaya yaxın gələ bilməz. Naib Vəli bu sözləri deyəndən sonra yenə də Zərəfşan: – Mən sənin bu ədəbsizliyini bağışlaram. – dedi, – Nə qardaşıma, nə də Salar Nizama xəbər vermərəm, bütün üstümdə olan qaşdaş da sənin olsun, ancaq məni Təbrizə qaytar. – Sən mənim anamın yanına getməlisən! Zərəfşan təəccüblə bir daha sual verdi: – Doğrudanmı məni ananın yanına aparırsan? – Bəli! Sən onun gəlini, mənim isə həyat yoldaşımsanl – Bəs biz, qardaşım bizi gözlədiyi yerə getmirikmi? – Yox! Sən başqa birisinin səadətini təmin etmək üçün gedirsən. – Bəs o qız necə olacaqdır? – O qız da öz sevgisinin, öz səadətinin dalınca getdi. – Sən məni burax, mən Salar Nizama getdikdən sonra da səninlə yaşamağa söz verirəm. Naib Vəli bir daha onun dodaqlarından öpərək: – Yox, xanım! – dedi. – Mən sizin o qədər də alçalmağınıza imkan vermərəm. – Bəs məni qaçırmaq məni alçatmaq deyildirmi? – Xeyr! Mən sizin Salar Nizamı sevmədiyinizi və mənə məhəbbət bəslədiyinizi anladığım üçün bu cəsarəti etdim. Doğrusunu söyləyin, siz məni sevirdinizmi? – Naib Vəlinin bu sözlərindən sonra Zərəfşan başını aşağıya salaraq: – Sevirdim, hətta ürəkdən sevirdim, – dedi. Onlar daha danışmırdılar. Fayton yanıq karvansaranın yanından şərqə çevrilib Marağa mahalına tərəf yollandığı və iki havanın birbirinə toxunmasından ildırımlar çaxdığı zaman, iki sevgilinin də nəfəsi bir-birinə toxunurdu. Nəhayət, Zərəfşan Mahrunu xatırlayaraq dedi: – O qız nə yaxşı qız idi. Hərgah onun bu hadisəsi aralıqda olmasaydı, bizim bu şad hadisəmiz də baş tuta bilməyəcəkdi! Naib Vəli onu öpərək: – Belədir, mənim sevgilim, dünyada hadisələrin xasiyyəti yeni hadisələr doğurmaqdan ibarətdir, – dedi. * * * Knyaginya Osipova 1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı: «İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”. Eyni zamanda erməni tacirlərindən Mirzoyan, Tehranda Rusiya ilə İran arasında vasitəçilik vəzifəsini öhdəsinə götürüb İranı Rusiya ilə İngiltərə mənfəətinə müharibəyə cəlb etmək, əvəzində isə Kərbəla və Nəcəf şəhərlərinin İrana verilməsi, orada Bosnə-Hersek və Misir hökuməti şəklində ingilis mandatı altında bir üsuli-idarə düzəltməyi düşünürdü. O biri tərəfdən də Rusiya fürsət əldə ikən Tehranı işğal etmək, orada Rusiyanın hərbi qubematorluğunu təşkil etmək məsələsini meydana sürürdüsə də, ingilislər buna razılıq vermirdi, çünki bitərəf məntəqənin işğal edilməsi ilə Rusiyanın nüfuz məntəqəsi genişlənirdi.“ Eynüddövlə ilə Fərmanfərmaya gəldikdə onlar da öz növbələrində Tehranda Rusiya ilə alış-veriş aparır və noyabrın 15-də İranın I Knyaginya Osipova - rus şahzadəsidir. Rasputini öldürən şahzadənin bacısıdır. ? 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanan müqavilədə İran iki nüfuz məntəqəsinə ayrılmışdı. Cənubi İran ingilislərin, Şimali İran isə rusların nüfuz məntəqəsi sayılırdı. " Kərbəla və Nəcəf şəhərləri İraqdadır. Müsəlmanların müqəddəs şəhərləridir. 1917-ci ilin mart ayında ingilislər tərəfindən işğal edilmişdi. s 1907-ci il müqaviləsinə görə şahın oturduğu Tehran və onun ətrafi rus və ingilis nüfuz məntəqəsinə daxil deyildi. Rusiya tərəfində durub Türkiyə-Almaniya dövlətləri əleyhinə çıxa- «ağını elan etməkdə idilər. Cavan şah da baş vəzirlərin Rusiyadan pul aldıqlarını görüb, iştahasını artırırdı. O da noyabrın 17-də Tehran səfiri Etteri yanına çağırıb demişdi ki, mən öz ata-babamın tutduğu xətt-hərəkəti davam etdirib Rusiya hökumətinə sadiq qalacağam. Bunun müqabilində isə Tehran səfiri dekabrın 2-də xariciyyə naziri Sazanova vurduğu teleqramında deyirdi: «Mənim ixtiyarımda olan pulun böyük bir miqdarını Eynüddövləyə verdim. Əlimdə qalan ancaq 35 min tüməndir. Hərgah xatir- «əmlik verirsinizsə, şaha da bir yüz min tümən pulun vədəsini verimə. Mərkəzdə işlər bu vəziyyətə girdiyi zaman Təbrizdə də çar konsulu təzyiq şəraitini dəyişərək cbarışmap, razılaşdırma siyasətini aparırdı. Son günlər vəliəhd Məmmədhəsən Mirzənin Şəmsülimarədə böyük təntənələr düzəltməsi və çoxlu pul sərf etməsi onun Rusiya konsulundan pul aldığını göstərirdi. Onun Yemelyanovu öz sarayından rədd etməsinə baxmayaraq, çar konsulu yenə də başqa cür yollarla vəliəhdə yol tapmağı bacarmışdı. Təzə il bayramı idi, çar konsulunun təşkil etdiyi böyük ziyafətdə vəliəhd Məmmədhəsən Mirzə də iştirak edirdi. Ziyafətə ingilis və Amerika konsulxanaları işçiləri, rus təbəəliyini qəbul etmiş bir neçə iranlı, rus himayəsinə girənlər və konsulun hüsn-rəğbətini qazanan iranlı tacirlər də dəvət edilmişdi. Ziyafətdə Təbrizdəki rus qarnizonunun yüksək mərtəbəli zabitləri, o cümlədən Yemelyanov da var idi. Mən Amerika konsulxanası üzvlərinin dəvət edildiyini bilirdim, lakin amerikalı qızın cəsarət edib bu ziyafətə gələ biləcəyini zənn etmirdim. Nina ilə bərabər bu ziyafətə gəldiyim zaman miss Hannanın Frikson və onun arvadı Sara ilə salonda gəzdiyini gördüm. Zatən aralıqda bir qorxu ola bilməzdi, çünki qızın Almaniya ləhinə işlədiyi zamandan neçə illər keçmişdi, hərgah bunu rus konsulları bilirdisə, hazırda həmin konsullar da dəyişilib getmişdi. Eyni zamanda qızın şübhə altına alınmasına səbəb olan vəsiqələr də bizim əlimizə keçmişdi. Konsul katibləri də bizim sərəncamımızda idi, buna görə də amerikalı qız bu ziyafətə gələ bilərdi. Frikson və arvadı Sara məni görərkən yaxınlaşdılar. Lakin amerikalı qız əvvəlcə onlarla bərabər mənim yanıma gəlməkdə bir az tərəddüd etdi, qədəmlərini saxladı, sonra nə düşündüsə onlarla bərabər irəlilədi, əlimi sıxdı. Mən onu Nina ilə tanış etdim. O, əlini Ninaya uzadıb tanış olmaq istərkən mən onun üzünə baxdım. Onun çöhrəsində ani bir qırmızılıq hiss etdim, onun əlləri və bütün vücudu titrəyirdi, göz bəbəklərində bir qeyri-təbiilik görünürdü. Nina bunu hiss etdi, lakin onda bunun səbəbini soruşmaq imkanı yox idi, çünki Friksonun arvadı Sara Nina ilə maraqlandığı üçün daim danışır və onu sərbəst buraxmırdı. Bir az dolandıqdan sonra salonda bir dəyişiklik törədi, hamının nəzəri salonun qapısına dikildi, azdan sonra qabaqda Məmmədhəsən Mirzə, qolu ucaboylu və gözəl bir qızın qolunda, bunların dalınca da çar general-konsulu və ingilis konsulu içəri girdilər. Tacirlər və başqaları iki sıraya düzüldülər və İran qaydasınca vəliəhdə təzim etdilər. Vəliəhd öz istədiyi adamların yaxınına gəlib əllərini sıxdı. Amerika konsulluğunun baş katibi Frikson və onun arvadı Sara ilə tanış olduqdan sonra mənə yaxınlaşdı, mən təzim edərkən, o, əlini uzadıb əlimi sıxdı və qolundakı qadını göstərib: – Şahzadə xanım Osipoval - deyə tanış etdi. Mən onun əlini sıxaraq, Ninanı göstərdim. Nina: – Nina xanım! – dedikdə qabaqca şahzadə xanım, sonra da Məmmədhəsən Mirzə Ninanın əlini sıxıb tanış oldular. Qadınlar bir-birinə qoşulub gəzir, kişilər isə kiçik dəstələrlə dolanırdılar. Mən şahzadə xanıma göz qoymuşdum, o mənim nəzərimdə şahzadə xanım roluna girmiş bir aktrisaya bənzəyirdi. Mən onun şahzadə Osipova olmadığına inanırdım. Şahzadə xanımın dünya müharibəsinin qızğın bir zamanında Petroqraddan İrana gəlməsinə kim inana bilərdi?1 Hər halda bu knyaginya da çar casusluq təşkilatının bir üzvü olmalı idi. İrana cürbəcür adlarla gələn qadınlar sırasında bu da bir cşahzadəə olaraq gəlmişdi. Knyaginya Nina ilə bir tərəfə çəkilərək uzun-uzadı danışırdı, mənsə Sara, Frikson və miss Hamna ilə bərabər gəzirdim. Məmmədhəsən Mirzənin ətrafını çar və ingilis konsulu kəsmişdi, onlar söz yox ki, ümumi diplomat sözlərindən, İranın cistiqlaliyyətəini müdafiə etdiklərindən və sairdən danışırdılar. Şahzadə xanım bir çox söhbətlərdən sonra Ninadan ayrılaraq yenə də vəliəhdə yaxınlaşdı və onun qoluna girdi. Gecə saat on ikidə süfrəyə oturdular. Şahzadə xanım vəliəhdlə yuxarı başda, onların bir tərəfində ingilis, o biri tərəfində də çar konsulu oturmuşdu, Birinci piyalə şahzadə Məmmədhəsən Mirzənin və şahzadə Osipovanın şərəfinə içildi. Diplomatlar qulağımızın min kərə eşitdiyi sözləri ortalığa tökdülər və işğal olunmamış azad bir kəndi qalmayan İranın müstəqil olması haqqında vəliəhdi əmin etdilər. Biz də kənarda Nina ilə oturub bu səhnəni və bu caktyorlarpı gözdən keçirir, oyuncaq vəziyyəti almış vəliəhdə tamaşa edirdik. Miss Hanna ilə Sara xanım da bizim bərabərimizdə oturmuşdu. Amerikalı qız mənim Nina ilə olan münasibətimə müəyyən bir şəkil verməyə çalışırdı. Gecə saat üçdə vəliəhd konsullarla vidalaşıb şahzadə xanımla getdiyi zaman mənə yaxınlaşdı və: – Mən sizin xanımınızın avropalı olduğunu bilmirdim, şahzadə xanım onu çox bəyənmişdir. Rica edirəm xanımızı da götürüb bizə gəlin. Şahzadə xanım da təkdir, darıxır, – dedikdə şahzadə xanım da mənim əlimi sıxaraq: – Xanımınız çox nəcib xanımdır. Sizin xoşbəxtliyinizi təbrik edirəm, – deyərək ayrıldılar. mx Vəliəhdin Yemelyanovun əlindən qurtardıqdan sonra şahzadə xanım Osipovanın əlinə düşməsi gizli komitəni düşündürürdü, çünki nəslən və əslən qadın düşkünü olan Məmmədhəsən Mirzə hələ Təbrizə gəlmədən Tehrandan onun «sevimli» qadınları dəstələrlə Təbrizə gəlmişdi. Söz yox ki, o öz yaxasını artıq dərəcədə gözəl olan rus dilbərinin əlindən qurtara bilməyəcəkdi. Təəccübə səbəb olan cəhətlərdən birisi də Yemelyanovun qovulduğundan bir ay keçməmiş bu qadının vəliəhdin sarayına girməsi məsələsi idi. O nə ad və nə vasitə ilə bu axmaq şahzadəyə yanaşmışdı? Mən bu cəhətləri Ninadan soruşmaq üçün onu yanıma çağırmışdım, çünki konsulun təzə il bayramı ziyafətində cşahzadən xanımla Nina uzun-uzadı söhbət etmişdi. Ziyafətdən qayıdandan bəri Ninanı görməmişdim, nə onun özü mənim yanıma gəlmişdi, nə də Məcidi mənim yanıma buraxmışdı. Buna başqa bir səbəb ola bilməzdi, ancaq bu küsüşə konsulun ziyafətində mənim amerikalı qızla olan yaxınlığımdan şübhələnməsi səbəb ola bilərdi. Mənim onu miss Hanna ilə tanış etdiyim və amerikalı qızın qeyri-təbii bir vəziyyət alması Ninaya mənim o qızla köhnədən tanış olduğumu hiss etdirmişdi. Nina gəldi, Məcidi də gətirdi. Nina mənə yad və təzə görüşüb tanış olan rəsmi bir adam kimi yanaşdı, içəri girib salam verdi, əlimi sıxıb bir tərəfdə oturdu, Mə- «idin yaxalığını düzəltməyə və saçlarını sığallamağa başladı. Mən hökm sürən bu sükutu pozmaq istərkən, özüm də hiss etmədən Ninaya yersiz bir sual verdim: – Xəstələnmişdinmi? – Xəstənin yanına gedib halını soruşarlar, çağırıb soruşmaq qayda deyil! Xəstənin dalınca adam göndərib «gəl görək kefin necədir?ə demək ancaq sənin əlindən gələr. Nina bir az sakitləşdikdən sonra soruşdu: – O qız kim idi? – Hansı qız? – Konsulun evində məni tanış etdiyin qız. O nə üçün mənim adımı eşidərkən qısqandı? Nə üçün o titrəyirdi? Nə üçün onun rəngi tez-tez dəyişirdi? – Məgər sən o qızı tanımırsan? Mən onun barəsində sənə danışmamışammı? – Xeyr, danışmamısanl Mən bu sözdən sonra miss Hamna ilə tanış olmağımın tarixini olduğu kimi əvvəlindən axırına qədər Ninaya danışdım və onun bizə göstərdiyi xidmətləri bir-bir saydım. Hətta onu Ninanın konsulxanadan gətirdiyi məlumatın köməyi ilə həbs olunmaqdan qurtarıb Təbrizdən qaçırtmağa müvəffəq olduğumuzu da dedim. Miss Hannanın Rəfizadə vasitəsilə qaraçı evinə aparılması, bizim onu nə cür qurtardığımız və Mahmud xanın öldürülməsini də bu hadisə əsasında təşkil etdiyimiz, Rəfizadəni Təbrizdən qaçaq saldığımız və son günlər yenə də Rəfizadəni edam etdirdiyimiz kimi söhbətlər Ninanı cəzb etdi. Nina sevinərək dərin bir ah çəkdi, sanki bununla da özünü yormaqda olan bütün düşüncələri silkələyib yerə tökdü. Durub əlimi sıxdı: – Mən nə qədər xoşbəxt bir qadınam! – dedi. – Gözəl qadınların romanlarda aradığı qəhrəman mənim gözümün qarşısında oturmuşdur. Nina bu sözü deyərək dodaqlarını mənim dodaqlarıma yaxınlaşdırdığı anda Məcid məndən qabaq dodaqlarını onun dodaqlarına yapışdırdı. İndisə Nina miss Hannanı görmək və onunla yaxından dost olmaq istəyirdi. Mən ona bu vədəni verdim, lakin bu asan deyildi, miss Hannanı da bu görüşə hazırlamaq və onun varlığına hakim olan qısqanclığı təmizləmək lazım idi. Artıq Nina təbii halına gəlmişdi. O, həmişə olduğu kimi, məni Məcidlə danışdırmağa və Məcidi mənə suallar verməyə məcbur etməyə çalışırdı. Mən dünyada hazırkı vəziyyətdən də böyük xoşbəxtlik bilmirdim, mən daima Ninanın Məcidlə məşğul olduğunu görürkən, bütün yorğunluğumu unudur və sanki bütün ağırlıqları öz üstümdən atırdım. Ninanın yubandığını görən Təhminə xanım da mənim yanıma gəldi. O, daim bizi mehriban gördüyü zaman sevindiyindən ağlardı. Yenə də onun gözləri yaşarmışdı. Məcid onun bu vəziyyətini gördüyü zaman daim ona yazığı gəlirdi. Yenə də bizim yanımızdan qalxıb: – Ana, qorxma, nə üçün ağlayırsan? Mən naxoş deyiləm! – deyərək onun boynuna sarıldı və onunla məşğul olmağa başladı. Mən də bundan istifadə edib cşahzadən xanım Osipovanın məsələsinə başladım: – Sən o gecə vəliəhdin qoluna girən və onunla saraya gedən «şahzadə» xanımdan bir şey anladınmı? Nina gülərək: – Onun şahzadə olmadığı şübhəsizdir, – dedi. – Onun bütün danışıqları, rəftarı, oturub-durması, özünün şahzadə familiyasını daşıyan bir casus olduğunu göstərir. Məgər çar yandarmının əlində bu cür saxta familiyalar daşıyan casus qadınlar azdırmı? Hələ onun vəliəhdlə tanış olması və saraya daxil edilməsi üsulu da onun saxtalığını göstərirdi. Onun öz dediyinə görə vəliəhdin təsvirini gənc padşahın təsviri ilə bərabər Petroqradda bir fotoqrafın sərgisində görmüş və ona aşiq olmuşdu. Buna görə də vəliəhdlə qaibanə yazışmış və ona öz məqsədini bildirmiş, vəliəhd isə onun Təbrizə gəlməsinə icazə vermişdir. Qadın deyir ki, «vəliəhd razılıq versə həmişəlik İranda yaşamaq üçün islam dinini də qəbul edəcəyəmə. Nina bunları dedikdən sonra əlavə olaraq qeyd etdi: – Vəliəhd bu casusun əlindən asanlıqla qurtara bilməyəcəkdir. o, mahir bir casus olmasa belə, məşhur bir gözəldir. Şərq hökmdarlarma da belələri lazımdır. Mən: – Qoymarıq! – dedim. – Bu cür casusları çox görmüşük... ik. Çar konsulunun vəliəhdin qoluna verdiyi «şahzadə», xanım Osipövanı ifşa etmək üçün belə bir tədbir düşünmüşdük: vəliəhdin özünəməxsus farsca və fransızca blanklar çap etdirmişdik. Bu blankların birisində vəliəhd Məmmədhəsən Mirzənin adından Petroqrad knyazı Osipovun adına rus dilində belə bir məktub yazmışdıq: «Həşəmətli knyaz! Uca olan tanrının mərhəməti sayəsində, dövlətimizin şan-şövkəti və xanədanımızın nəcabəti həşəmətli knyaza məlumdur. Dövləti bəhiyyəyi-Rusiya ilə olan qonşuluq və dostluq münasibətimizi də uzun illərin tarixindən oxuya bilərsiniz. Ata-babalarımız bu dostluğu davam etdirdiyi kimi onun övladı da onu möhkəm saxlamağa çalışır. Son zamanlar mənim taleyimə düşən xoşbəxt bir təsadüf bu dostluğa daha təzə bir şəkil verdi. Həşəmətli knyaginyanın Təbrizə təşrif gətirməsi Rusiya imperatoru xanədanı ilə İran şahlığı xanədanının bir-birinə daha sıxı bağlanması üçün bir başlanğıc oldu. Şahzadə xanım Şəmsülimarəyə təşrif gətirəndən bəri özünü çox rahat hiss edir və İran vəliəhdi ilə olan görüşündən öz razılığını sizə, öz böyük qardaşına bildirmək istəyir. Şahzadə xanım ümid edir ki, siz bu qohumluqdan razı qaldığınızı kiçik və eyni zamanda şərəfli bir məktubla bizə bildirəcəksiniz. Bu məktubla bərabər şahzadə xanımın məktubunu da sizə göndərirəm. Hər ikimiz ümid edirik ki, bu məktubun cavabı bizim xoşbəxtlik bayramımızın xəbərini verəcəkdir. ı İmza: vəliəhdi-səltənəti-İran Məmmədhəsən Mirzə Təbriz, 10 yanvar 1916-cı il». ek ki İranın siyasi vəziyyəti ingilis və rus müdaxiləsi nəticəsində altüst olmuşdu. Çar qoşunu Tehranı işğal etmək üçün €Yeni imam adlı mövqedə durub, xariciyyə nazirinin əmrini gözləyirdi. Çar hökumətinə vicdanən və iqtisadən bağlı olan Fərmanfərma Tehranın işğal edilməsini tələb edirdi. Nəhayət, bu qədər təzyiqlər nəticəsində İran hökuməti Rusiya ilə İngiltərənin təklifi üzərinə bitərəfliyi pozub müharibəyə qoşulmağa razı oldusu da, ağır şərait təklif etdiyi üçün Sazonov onun bitərəf qalmasını məsləhət gördü. Əhməd şah dekabr ayının 13-də özünün sə!tənətdən əl çəkmək arzusunu elan etdi. Şahın səltənətdən əl götürmək şəraiti İngiltərə və Rusiya arasında müzakirə edilməyə başladı, onlar Əhməd şahın şəxsi təmini məsələsini öhdələrinə götürdülər. Lakin ingilislər Əhməd şahın İranı onlara tapşırıb getməsinə razı olsalar da, onun yerinə təklif olunan Məmmədəli şahın İrana gətirilməsinə razı olmurdular. Bununla da Sazonov Tehran səfirinə razılığı 29 dekabr tarixli məktubunda hərbi dairələrlə danışaraq Tehrana hərbi qubemator təyin edilməsini bir daha təklif edirdi. Tam bu günlərdə, bizim Təbrizdə aldığımız xəbərlərə görə Fərmanfərma İranın tamamilə Rusiya himayəsinə keçmək planını düzəldir və 1916-cı il yanvarın 6-da Tehran səfirinə təqdim edirdi. Hələ himayə məsələsi baş tutmadan belə, himayənin verəcəyi nəticələr meydana qoyulurdu. Şah Tehrandakı kazak briqadasının artırılmasına razılıq göstərir, şose və dəmiryolları, mədənləri işlətmək üçün imtiyazlar verir, bununla rus səfirindən az bir miqdarda rüşvət alırdı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Burada Nizamülmülk yerli hökuməti rüşvət müqabilində satdığı üçün mahallarda bir nəfər də olsa namuslu hakim və qubernator yox idi, onlar ancaq çar konsulunun buyruqlarını yerinə yetirir və İran xalqını nə vasitə ilə olursa-olsun çar konsullarının sərəncamına verməyə çalışırdı. Lakin çar konsulu Təbrizdə, başqa yerlərdə olduğu kimi, çox da cəsarətlə hərəkət edə bilmirdi. O, təbrizlilərin üsyanından qorxurdu. Çar təbəələri də iranlılara, başqa yerdə olduğu kimi, təcavüz edə bilmirdi. Azərbaycanda çar hökumətinə satılan hüquqlar hökumətin hüquqlarından ibarət idi. Bunları isə Nizamülmülkün özü satır və pullarını da öz sandığına yığırdı. Vəliəhdə gəldikdə, o da konsuldan müəyyən pul almaqla bərabər, cşahzadəə xanım Osipova ilə vaxtını keçirməkdə idi. Biz hələlik Nizamülmülkü ifşa etmək üçün hazırlıq aparır, eyni zamanda Petroqrada knyaz Osipova yazdığımız məktubun cavabını gözləyirdik. kok Rəfizadənin məsələsini bitirdikdən sonra amerikalı qızı görməmişdim. Qızın özü də sanki görüşlə maraqlanmırdı, çünki keçmişdə görüşməyə macalım olmadığı hallarda özü məni axtarar, heç olmasa məktub göndərib halımı soruşardı. Onunla görüşməyim lazım idi. Amerika konsulunun baş katibi Frikson xəstə idi, onun vasitəsilə heç bir xəbər almaq mümkün deyildi. Buna görə də miss Hannanı görməyə məcbur idim. Bu gün nə olursa-olsun onu görməli və siyasi vəziyyətlərlə tanış olmalı idim, çünki axşam saat 11-də vəliəhdin «şahzadə) xanım Osipovanın ad günü münasibəti ilə ziyafətinə getməli idim. Vəziyyətdən xəbərdar olmadan vəliəhdin yanına getmək bizə heç bir mənfəət verməyəcəkdi, orada özümüzü nə cür aparmalı və nə kimi mövzularda söhbət etməli idik, bunu hələ müəyyənləşdirməmişdik. Amerikalı qız həmişə saat dörddə konsulxanadakı vəzifəsindən evinə qayıdırdı. Bu saatlarda onunla görüşə bilməsəydik, axşam saat 8-də heç də mümkün olmayacaqdı, çünki evinə doqquzda gedib, saat on birdə qayıtmaq mümkün deyildi, onun yanında uzun saatlarla oturmaq lazım gəlirdi. Saat dörd tamamda qapını vurdum, qoca xidmətçi yenə başı tərpənə-tərpənə və həyatına istehza yağdıran adamlar kimi gəlib qapını açdı, lakin məni görcək həddindən artıq sevindi. – Kiçik xanım evdədirmi? - deyə soruşduqda, üzümə təəccüblə baxaraq: – Bəli, evdədir, – dedi. Miss Hanna daim qapı vurulduğu zaman pəncərəyə yanaşaraq kimin gəldiyini yoxlayırdı. Buna görə də mən pilləkənlərdən qalxarkən pəncərəyə baxırdım. Lakin orada heç kəsi görmədim. Miss Hannanı nahar süfrəsini döşəyən gördüm. Lakin salamımı səmimi dost salamı kimi qəbul etmədi, əlimi ona uzatdım, üzümə baxmadan: – Bağışlayın, əlim təmiz deyildir, – deyə əl verməkdən boyun qaçırdı. Mən onun dəfələrlə küsdüyünü görmüşdüm, lakin o küsdüyü zamanlarda da məni yoxlamaq üçün ara-sıra gözünün ucu ilə baxardı. Bu dəfə isə heç bir dəfə də baxmadı. Çıxılmaz vəziyyətdə idim, onun özü də bu vəziyyətdə idi: nə edəcəyini bilmirdi. Heç lazım olmadığı halda qabın birisini götürüb, o birisini qoyurdu, gah bir qabı içəri otağa aparır, yenə də geri gətirib süfrəyə qoyurdu. Çöhrəsini diqqətlə nəzərdən keçirdikdə onda bir yorğunluq hiss edirdim. Ondakı bu yorğunluq fikir və düşüncə yorğunluğu idi. Sanki onun çöhrəsi uzun illər daşımış olduğu arzuların qəti bir ümidsizliklə nəticələndiyini bildirirdi. Onun küskün baxışlarını yoxladıqda yalnız məndən deyil, tamamilə həyatdan küsdüyünü görmək olurdu. Bizi onunla olan yeddiillik tanışlığımızın solğun və küsdürücü günlərini nəzərə aldıqda mən özümü bir gəncin həyatına sui-qəsd hazırlayan cani kimi düşünür və qızın üzünə baxmaqdan utanırdım. Doğrudan da, mənim bu yazıq qıza qarşı aldığım vəziyyət bir insana qarşı qeydsizlikdən başqa bir şey deyildi. Mən düşünür və öz-özümə sual verirdim: mən bir hakim olsaydım, sevgisi üzündən aldanan və gənc həyatının qiymətli illərini ümidsizlik içərisində keçirən bir qız özünə qarşı qayğısızlıq göstərən bir kişidən mənə şikayət etsəydi, onun şikayəti haqqında necə hökm çıxarardım? Özüm özümə belə cavab verirdim: “İllər uzunu bir gəncin ilk sevgilərini ümidsizliklə nəticələndirən, onun gənc arzularını qıran və bir qadına qarşı bu qədər laqeyd hərəkət edən bir adamı bir qatil kimi cəzalandırardımp. Məni kim cəzalandıracaqdı?1 Olsa-olsa bir vicdan əzabı! Bir ruh əziyyəti! Daimi bir məchulluq, daha doğrusu, daimi bir xatirənin acıliqlarıl.. eMən nə üçün yeddi ildən bəri qıza özümün başqa birisinə bağlı olduğumu bildirmədim?1 Nə üçün onunla bir aktyorun oynadığı mənfi rolu oynadım?1 Nə üçün onun mənə olan sevgisinin dərinləşməsinə imkan verdim?1 Nə üçün özümə daimi sevgisini elan edən, məni özünə həmişəlik həyat yoldaşı etməyə çalışan səmimi bir gənci ikiüzlü adamlar kimi qarşıladım, onu öz mənfəətimiz üçün istifadə etdim? Məgər bu qız olmasaydı inqilab hərəkatı irəli getməyəcəkdimi?1 Bu səhv də onunla görüşdüyümüz günlərdən başlamışdı. Mən indi-indi anlayırdım ki, hər bir kişi nə qədər vüqarlı, təmkinli, bilikli və təcrübəli olsa belə, yenə də gözəl və gənc bir qadınla yan-yana oturduğu zaman özünü unudur, dediyi sözlərin aqibətini düşünmür. Kişilər bu xəstəliyə tutulmuş ikən, qadınların da kişiləri cəlb etmək üçün öz gözəlliklərindən sui-istifadə etdikləri unudulmamalıdır. Bunun nəticəsindədir ki, həm kişilər, həm də qadınlar həyatda səhv buraxmağa məcbur olurlar, daha açığı, həyatda aldanırlar. Nəüüçün o, tanımadığı bir gəncə çox sürətlə bağlandı? Onun Livarcan yaylasındakı birinci göz yaşları nə üçün idi? Bu nəyə lazımdı? Nə üçün də mən gələcəyi və özümün başqa bir adama bağlandığımı nəzərə almadan ona: (Sənin iradən xaricində heç bir şey etməyəcəyəmə – dedim? Bir səs eşitdim, bu səs məni sanki ağır bir yükün altından çıxardı, bu səs məni sanki bir uçurumun qarşısından qapdı, əzici düşüncələrin əlindən qurtardı. Bu: – Durub süfrəyə əyləşin! – deyən miss Hama idi. Şübhəsiz ki, o mənim çıxılmaz vəziyyətdə olduğumu hiss etmişdi, buna görə də vəziyyəti yüngülləşdirmək istəyirdi. Başımı qaldırıb baxdıqda qızın ayaq üstündə durub məni gözlədiyini gördüm. Ayağa qalxdım və heç bir söz demədən süfrə başına keçdim. Qız mehriban və əziz bir qonağa xidmət edən kimi mənə xidmət etdi. O, yenə də məni yedirməyə çalışırdı. Mən, doğrudan da, qızın bizə olan xidmətlərini və şəxsən mənə bəslədiyi sevgini xatırlayaraq utandığımdan necə yediyim və süfrə başında necə oturduğumu hiss etmirdim. Şübhəsizdir ki, bu sükut uzun çəkməyəcəkdi. Qızın tənqid və bəlkə də, təhqiredici sözlərini eşidəcəkdim. Hər halda qızın acığını yatırmaq üçün də düşünürdüm. Qızı tamamilə atmaq və onun gözünə görünməmək yaramazdı, onunla olan əlaqəni bir dostluq əlaqəsi şəklində olaraq saxlamaq lazım idi. Mən başım aşağıda düşünür və çəngəl-bıçaqla qurdalanırkən bir daha qızın səsini eşitdim: – Kişilər xəsis və qorxaq olmamalıdır! Qızın bu sözü yenə də fikrimi darmadağın etdi, çünki mən xəsis və qorxaq deyildim. Amerikalı qızın həyat və məişətini təmin etmək üçün hər cür vasitələrlə ona yardım etmişdim. İkincisi də, qız mənim qorxaq olmadığımı çox gözəl bilirdi. Buna görə də qıza sual verdim: – Sözünüzün mənasını anlamadım. O, qaşlarını dartıb, mənim üzümə baxdı və: – Bu vəziyyət sənin bir kəlməni demək üçün xəsislik etdiyindən doğdu. Sən bir kəlməni demək istəmədin, onu mənə deməkdən qorxdun. – Hansı kəlməni? – O qızın varlığını. – Bunu sizə deməyə lüzum var idimi? – Sənin üçün lüzum yox idi, lakin mənim üçün lazım idi. İndi deyin görüm o kimdir?1 – Məgər sən onu tanımırsanmı? – Son günlər tanıdığım qədər tanımırdım. O kimdir? Mən Ninanı müəyyən bir çərçivə içərisində amerikalı qıza tanış verdim və sözümün axırında: – Həmin qız səni çar )andarmının əlindən və sürgünlərdən qurtaran qızdır, – dedim. – O qız çar konsulxanasından sənin həbs edilməyinə dair xəbəri mənə gətirən qızdır, indi tanıdınmı? Miss Hamna bir qədər danışmadı və bir azdan sonra başını qaldırib mənə sual verdi: – Mənim başıma gətirdiyin oyunları onun başınadamı gətirirsən? – Hərgah bizim bu dostluq əlaqəmiz bir oyun hesab olunursa, bəli, onunla olan dostluğun şəkli də səninlə olan dostluğumuzun şəklindədir. – Mən bunu doğru hesab edə bilərəmmi? – Bəli, buna əmin ola bilərsən! Miss Hannanın vəziyyəti qismən dəyişdi. Rənginin dəyişməsi, çöhrəsinin şad bir şəkil alması onun bu sözlərdən razı qaldığını ifadə edirdi. Aramızda sülh əmələ gələn kimi idi, onun özü də bunu iqrar edərək dedi: – Səni görmədən çox şeylər düşünürəm, sənə öz narazılığımı demək üçün cürbəcür cümlələr yaradıram. Dərdlərimi, qəmlərimi təsvir etmək üçün müxtəlif şivələr ixtira edirəm: lakin səni görən kimi bunların hamısı unudulur: – Qız bu sözləri deyərək bir az dayandı, sonra da yavaşdan: – Kim bilir, bəlkə də, bütün bu düşüncələr səni görmədiyim üçün doğulurmuş, - dedi. Ona sual verdim: – Təzə xəbər vardırmı? – Vardır! – dedi. – Rusiyanın baş naziri Əhməd şaha ayda 30 min tümən təqaüd təxsis edibdir. Bunu xariciyyə naziri Sazonov Tehran səfiri Etterə göndərdiyi 1916-cı il 14 yanvar tarixli teleqramında qeyd edir. İranın istiqlalına xatimə vermək üçün Rusiyanın hərbi dairələri yanvarın 10-da Türkiyənin İran səfirini həbsə almışdır. Bu hadisə heç bir məmləkətdə görünməyən bir hadisədir. Bununla da çar hökuməti aləmə bildirmək istəyirdi ki, artıq İran bir hökumət olaraq meydanda yoxdur. Amerika konsulxanasından alınan xəbərlərə görə Amerikanın İngiltərə-Rusiya-Fransa mənfəətinə olaraq hərəkət etməsi məlum olmuşdur. – Təbriz konsulxanalarından nə xəbər vardır? – Vəliəhdin çar pulu ilə yaşadığı məlumdur. – Bu gecə vəliəhd «şahzadə» xanım Osipovanın ad günü ziyafətini təşkil etmişdir. Amerika konsulxanası işçiləri də ziyafətə çağırılmışdırmı? – Bəli, çağırılmışdır. – Sən də gedəcəksənmi? – Gedəcəyəm. – Orada görüşərik... – Sənin Ninan da orada iştirak edəcəkdirmi? – Bəli, edəcəkdir. Rica edirəm ki, sən orada Nina ilə yaxından tanış olasan və həmin tanışlığı həmişəlik dostluq şəklinə salasınız. – Hərgah o, qısqanc bir qız deyilsə, nə eybi var? – Sən onunla tanış olduqdan sonra, onun nə qədər mehriban və namuslu bir adam olduğunu görəcəksən. O səni sevəcək, öz doğma bacısı kimi qəbul edəcəkdir. Amerikalı qız mənim sözlərimdən sevindi və əlavə olaraq soruşdu: – O qız sənin evindəmi yaşayır? – Xeyr! Onun özünün evi və xidmətçisi vardır. Onun 11 yaşında Məcid adlı bir oğlu da vardır. Miss Hama təəccüblə soruşdu: – Onun öz oğludurmu? – Oğlu deyil, lakin doğma oğlundan da artıq istəyir. Mən Məcidin, onun anası Zeynəb bacının və Cavad ağanın əhvalatını əvvəlindən axırına qədər miss Hannaya söhbət etdikdən sonra o, Ninanı bir daha xatırlayaraq: – O, nə qədər mehriban və səmimi qızdır! – dedi. * * * Şəmsülimarə bina olduğu gündən bu cür bir təntənəni görməmişdi. xŞahzadəə xanım Osipovanın ad günü münasibəti ilə düzələn bu təntənəli ziyafət İran padşahının taxta oturduğu gün düzələn təntənədən daha rövnəqli idi. Bu təntənəyə İran şahzadəsi Rusiyadan aldığı rüşvət və sahib olduğu maaşdan başqa özünə anasından miras qalan 12 karatlıq bir brilyant üzüyü də Məşədi Kazım ağaya satıb xərc etmişdi. Ziyafətdə atəşbazlıq etmək İran şahzadələrində adət olduğu üçün Məmmədhəsən Mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. Ziyafətə gələn qonaqlar balkona çıxıb atəşbazlığa tamaşa edirdi, havada açılan fişənglərdə «şahzadə xanım). kəlmələri oxunurdu. Bu ziyafətdə istər Nina, istərsə də amerikalı qız qonaq qadınlar içərisində birinciliyi qazanırdı. Onların üzərindəki qiymətli daşlar, geyindikləri nəfis paltarlar şahzadə xanımın? diqqətini cəlb etmişdi. İngilis və Amerika konsulları xşahzadəə Osipovaya əhəmiyyət verməyərək, Nina ilə tanış olmaq və amerikalı qızla məşğul olmaqla maraqlanırdılar. Amerikalı qız Ninadan ayrılmırdı, çünki o, Nina ilə əl-ələ verdiyi zaman ondan heç gözləmədiyi bir məhəbbət görmüşdü. Nina onun boynunu qucaqlayıb dodağından öpdüyü zaman amerikalı qıza baxırdım. Onun gözlərindən sevinc yaşları axırdı. Vəliəhd ilə «şahzadə xanımə qol-qola salonda dolandığı zaman mən həqiqətdə də özümü bir ziyafət salonunda yox, bir teatr salonunda hiss edirdim, çünki orada danışılan sözlərin, baxışların və hərəkətlərin hamısı buranın bir ziyafət salonu olmadığını göstərirdi. Çar konsulunu təbii halında görmürdüm. O, bir məğlubiyyətin qara xəbərini eşidən adamlara bənzəyirdi. Bir yerdə oturmağa aramı yox idi. Gah Yemelyanov, gah ingilis konsulu, gah da Amerika konsulu ilə bir-iki kəlmə danışaraq ayağa qalxır və papiros yandırırdı. «Şahzadə xanım? da özündə deyildi, o sanki özünün daşıdığı bu ada inanmırdı, gözlərini onun-bunun ağzına dikərək onların nə danışdıqlarını öyrənməyə çalışırdı. Çar konsulunun və «şahzadə xanıməın bu vəziyyəti məni düşündürürdü. Vəziyyətin acı bir hadisə ilə əlaqədar olduğu şübhəsiz idi. Buna görə özüm də həddindən artıq rahatsız idim. Şam süfrəsində danışılan sözlər də məni yormuşdu. İngilis kralın və Rusiya imperatorunun əzəmətinə deyilən təriflərin hamısı bu iki hökumətin əlində oyuncaq olan cşahzadəyəə yapışdırıldığı zaman mən utanır və tər tökürdüm. Şam süfrəsi başından qalxdıqdan sonra musiqi və rəqs salonuna keçdik. Vəliəhd də öz xanımı ilə Nina və amerikalı qız gəzən dəstəyə qoşuldu. Bir neçə baş o tərəf-bu tərəfə dolandıqdan sonra vəliəhdin xacəbaşısı içəri girib şahzadəyə gümüş padnosun içində bir məktub təqdim etdi. Vəliəhd məktubu alan kimi paketin üstünü oxuyaraq: – Petroqraddandır. Bizim həşətəmli knyaz yazmışdır, – deyərək məktubu açdı və mənə müraciətlə: – Gərək ki, rusca siz yaxşı oxuyursunuz, – dedi və məktubu mənə uzadaraq qabağıma düşüb getdi. O, yazı otağına girib qapını bağladı. Mən məktubu oxumağa başladım: «Həşəmətli şahzadə! 10 yanvar tarixli məktubunuzu aldım. Xanədanınızın nəcibliyi və özünüzün Rusiya imperatorluğu ilə olan səmimi dostluğunuzu təsdiq etməklə bərabər, bacım haqqında yazdığınız bir neçə cümlənin heyrətimə səbəb olduğunu sizə bildirmək istəyirəm. Mənim bacım Petroqraddadır, özü də xəstədir. Osipovlar ailəsinə mənsub olan qadınlardan bir nəfər də olsa əcnəbi məmləkətlərdə yoxdur. Bu barədə Təbriz konsuluna da məsələnin yoxlanılması və bizim familiyamız altında İran saraylarına soxulan qadınların kimliyini təyin etməsi tapşırılmışdır. K.Osipov Petroqrad, 29 yanvar 1916 p. Vəliəhd qulaqlarına inanmayan adamlar kimi gözlərini mənim üzümə dirəyib mat-mat baxmağa başladı və dəli olan adamlar kimi farsca: – Xudavənda, in çi rusvaist? "—deyərək titrədi və mənə sual verdi: – Doğrumu söyləyirsiniz? Bu məktub, doğrudan da, knyazdandırmı? Mən ona knyaz Osipovun özünəməxsus çap olunmuş blankın üstündə yazılmış məktubun imzasını göstərdim. – Özünüz ki, az-çox rusca oxuya bilirsiniz, buyurun, boş vaxtiniz olduğu zaman məktubu bir daha oxuyarsınız. Doğrudan da, həzrəti-vala üçün bu hadisə böyük bir rüsvayçılıqdır. – Mən bilmirəm ki, bu məktubu knyaza mənim dilimdən kim yazmışdır? – Bu barədə də düşünmək və bu adamı axtarmaq lazımdır. – İndi mənim çarəm nədir? Mən nə edə bilərəm? Mənim Tehranın yanındakı mərtəbəm də bərbad oldu. Bu nanəcib qadın kimdir? Konsul nə üçün naməlum qadınla məni tanış edir? – Həyəcan və təlaş göstərmək lazım deyil. Həzrəti-vala özünü itirməməlidir. Siz bu məsələni ziyafətdəki qonaqlara da hiss etdirməməlisiniz. Ancaq fürsət olduğu zaman bunu cənab konsula buyurarsınız, o sizin dostunuzdur, özüdə ağıllı adamdır, hər nə məsləhət görərsə, elə də etməlisiniz, çünki bu rüsvayçılıq yalnız həzrəti-valanın deyil, eyni zamanda cənab konsulunda nüfuzunu ləkələyə bilər. Vəliəhd yenə də yanılaraq farsca: – Qurban qeyrəti-şüma!? – dedi. – Bu məsələni heç kəs bilməsin. öz yanımızda qalsın. : İlahi, bu nə rüsvayçılıqdır?1 7 Qeyrətinə qurban olum. – Mənim də fikrim budur. Gərək bir kimsə bilməsin, – deyərək qalxdım. Mən salona girəndə çşahzadəə xanım da gözünü qapıya dikərək vəliəhdi gözləyirdi. Lakin vəliəhd salona gəlmədi. Mən bir tərəfdə oturub Nina ilə rəqs eləyənlərə tamaşa edirdim. Bir neçə dəqiqədən sonra gəlib general-konsulu çağırdılar. Heç şübhə yoxdur ki, onu vəliəhd çağırmışdı. Konsul çox yubandı, gecə keçirdi, qonaqlar vidalaşmaq üçün vəliəhdi gözləyirdi. Lakin vəliəhd salona girmirdi, xacəbaşı gəlib məni çağırdı, mən qonaqlara hiss etdirmədən getdim. Konsul və vəliəhd kiçik bir kitabxanada oturmuşdu. Konsulun çöhrəsi böyük sərvəti uduzmuş qumarbazın çöhrəsini təsvir edirdi, vəliəhd isə başını əlləri arasına alıb oturmuşdu. Onun bütün varlığı konsula qarşı etiraz bəslədiyini göstərirdi. Konsul məni görən kimi: – Əyləşin dostum! - dedi. – Bu cür işlər çox olur. Qadınlar belədir. Onları qılafından çıxarıb içərisini öyrənmək mümkün deyildir. Onların soğan kimi yüzlərlə qabığı vardır. Çar konsulu qadınları bu cür sözlərlə təsvir etdikdən sonra çiynimə qoyub: – Çox yaxşı oldu ki, bu sirr başqalarının əlinə düşmədi, çünki bu kimi işlər başqalarına bildiriləcək işlər deyil, burada hökumətin nüfuz məsələsi vardır. Rica edirəm ki, bu sirr aramızda qalsın. Mən çar konsuluna bu sirrin gizlində qalması üçün söz verib salona gəldiyim zaman, bir çoxları getmişdir. Biz Nina ilə bərabər salonu tərk etdikdə cşahzadəə xanım irəli gəlmədi, o bizim onun yanına gedib vidalaşmaq üçün icazə istəyəcəyimizi gözləyirdi. Biz ona əhəmiyyət vermədik, ancaq qapıdan çıxarkən dönüb arxaya baxdıqda «şahzadə? xanımın rəqs salonunda təkcə durub düşündüyünü gördüm. Şübhəsiz ki, çar casusu xanımlığının bu anlardan başlayaraq bitdiyini düşünürdü. * * * İkinci inqilab komitəsi? Bu gün tezdən amerikalı qız məni telefona çağırdı: – Təzə bir hadisə barəsində danışmaq üçün səninlə görüşmək lazımdır, – dedi. Mən onun boş günü olduğunu bilmirdim, buna görə də telefonla ona dedim: – Bu gün işləmirsinizmi? – Xeyr, bu gün istirahət günüdür, hər vaxt istəsən gələ bilərsən. Mən saat on birdə amerikalı qızın evinə getdim. Qız yenə də məni əvvəlki məhəbbətlə qəbul etdi, onun mənimlə olan dostluq əlaqəsində heç bir dəyişiklik görmədim. Qız məni nə üçün yanına çağırdığından söhbət açmazdan qabaq Amerika konsulunun əldə etdiyi bir neçə vəsiqələri gətirib göstərdi. Bu mühüm vəsiqələrdən birisi Rusiyanın Tehran səfiri Etterin Petroqrada, xariciyyə nazirinə göndərdiyi gizli teleqramdan ibarət idi. «Tehran 1 mart 1916 Tehran səfiri Etterdən Xariciyyə naziri Sazonova: Fərmanfərmanın Rusiya dövlətindən rüşvət alaraq məmləkəti satdığını əsas tutmaqla Tehranda beş yüz nəfər ruhani və tacir bəstə oturmuşdur. Bəstə oturanlar onun baş vəzirlikdən istefa verməsini tələb edirlər. Bu gün Fərmanfərma istefasını verdi. Süpəhdarı baş vəzir təyin etmək istəyirik. Lakin hələlik o, tərəddüd göstərir, bu vəzifəni götürmək istəmir. Yaxşı olardı ki, sabah padşahın özünə də bir yüz min manat verək və ingilislərlə bərabər ayda ona 15 min tümən maaş təyin eləyək. Fərmanfərmanın özünə də para yardımı vermək lazımdırə. Amerikalı qız bu vəsiqələri mənə verdikdən sonra: – Çar və İngiltərə dövlətləri İran istiqlaliyyəti məsələsini həll etmişlər. Onlar artıq bu ölkəni müstəqil bir ölkə kimi tanımırlar. – dedi. Mən isə onun cavabında: – Sən tamamilə başqa cür düşünməlisən, – dedim. - İndi İran məsələsi yox, bütün kiçik dövlətlərin müqəddəratı həll olunur. Müharibə bitmədən bu məsələlər haqqında danışmaq və peyğəmbərlik etmək artıqdır. Hələ oyun davam edir, dünya müharibəsinin əliqanlı aktyorları özünü çox da fəna hiss etmir. Bizim vəzifəmiz isə bu qanlı əsərin finalını gözləməkdən ibarətdir. Mən qızla danışarkən, eyni zamanda İranın vəziyyətini düşünürdüm. çünki Təbrizdə hökumətə məxsus elə bir hüquq yox idi ki, onu çar hökuməti öz əlinə almamış olsun. İran hökuməti ilə çar və ingilis dövlətləri hər bir alış-verişi mərkəzdə həll edirdi. Yerli hökumət və mahal hökumətləri isə göstərişləri İranın mərkəz hökumətində deyil, məhəlli çar konsulları və konsul agentləri tərəfindən alırdılar. Təbrizdə Azərbaycan valisi Nizamülmülk və hətta vəliəhdin özü də evinə qapanıb oturmuşdu. İran hökuməti son günlər çar konsullarının icraiyyə orqanı vəzifəsini daşıyırdı. Çar konsulları götürmək istədikləri hakimlər haqqında Tehrana əmr verir, Tehranda hökumət kabinəsi isə onu vəzifəsindən çıxarmaqla konsulun verdiyi namizədlərdən birisini təyin edirdi. Yerli hökumətlər heç bir kəsə nüfuzunu göstərə bilmirdi. Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrəşmişdi. Təbrizdə Sahibüləmr meydanında düzülüb iş gözləyən hambalların bəziləri də öz haqqının düzgün verilməməsinə qarşı iran- İlmi hədələyib: «Gözünü yaxşı aç, məni yaxşı tanı! Mən konsulun atlarının saman və arpasını daşıyan adamam hal» deyirdi. Çar konsulu isə son günlər Təbrizdə işləyən gizli əlləri tapmaq üçün cürbəcür çarələr düşünürdü. Buna baxmayaraq, onun düşündüyü bütün hiylələr ifşa edilməkdə idi. Mənim zənnimə görə, amerikalı qız bu cür söhbətlərdən danişacaq və çar konsulunun təzə təşəbbüslərindən xəbər verəcəkdi. Qız hər söhbətdən sonra: – Nizamülmülkün çar konsulxanasına göndərdiyi məktubdan xəbəriniz varmı? – deyə soruşduqda mən: – Xeyr, yoxdur dedim. – Nina xəstə yatdığı üçün on gündən bəridir ki, konsulxanada mövcud olan vəziyyətdən xəbərimiz yox idi. Miss Hanna Nizamülmülkün çar konsuluna yazdığı məktubun surətini çıxarıb göstərdikdə mən ona sual verdim: – Bu məktubları çar konsulxanasından ələ keçirməkdə məqsədiniz nədir? – Madam ki, çar konsulxanasında çalışan zabit bu vəzifə üçün Amerika konsulxanasından müəyyən para alır, orada olan lazımlı və lazımsız vəsiqələrin hamısını gətirməlidir. Mən məktubu aldım. Bu, Təbrizin vəziyyətini xarakterizə etmək üçün çox lazımlı bir məktub idi. “Cənab konsul! Hazırda Təbriz şəhəri işsiz və kimliyi məlum olmayan qadınlarla doludur. Onlar Təbriz şəhərinə İran yerli idarələrinin icazəsi və bizim sərhəd məmurlarımız tərəfindən verilmiş vəsiqələrlə gəlməmişdir. Buna görə də onlar heç bir inzibati idarədə qeyd olunmamışlar. Yerli inzibat idarələri onların müdafiəsini öz öhdələrinə götürə bilməz. Hazırda İrana kömək üçün pasport almaq üsulu Rusiyanın hərbi dairələri tərəfindən ləğv edilmişdir. İndi İrana hər kəs istərsə, Rusiyanın hərbi ləvazimatı daşıyan karvanlarına qoşulub keçə bilər. Buna görə də Təbriz şəhəri işsizlər və kimliyi naməlum kişilər və qadınlarla doludur. Bunları cənab konsulun bəzərinə yetirdikdən sonra bir daha əlavə etməyi lazım bildim: rus qadınlarının hansı bir dövlət təbəəsi tərəfindən qarət olunduğunu yuxarıda cənab konsula göstərdiyimiz səbəblər nəticəsində təyin etmək mümkün deyildir. Qadınları harada qarət etmişlər? Hərgar şəhərin kənarında və özlərinə naməlum bir yerdə soyulmuşlarsa, o zaman cənab konsul qadınların o cür yerlərə nə üçün getdiyini təyin etməlidir. Təbrizdə inzibati qüvvələrinin fəaliyyət qüvvələrini artırmaq və onlardan iş tələb etmək də mümkün deyil. Onları sıxışdırmaq olmayır, hər bir hadisədə cənab konsul erus təbəələrini incidirsizə, deyə bizə tələbat verir. Rus təbəəsi və rus himayəsində olmayanlar da vergi verməmək üçün sizin təbəəniz olmağa və himayənizə girməyə can atırlar. Hazırda hökumət idarəsində xidmət edənlər bir neçə aydır ki, maaş almamışdır. Təbrizdə işləyən gizli əlləri tapıb konsulluğa təslim etmək işi də mümkün deyildir, çünki şəhərin inzibat işləri və axtarıcı təşkilatlarının vəzifəsini rus hərbi dairələri aparır. Yerli hökumət heç bir kəsə yanaşa bilmir, yerli hökumətin şübhələndiyi adamların cibindən rus hərbi dairələri və rus konsulxanası tərəfindən verilən vəsiqələr çıxır. Bu məktuba əlavə olaraq miss Hanna çar konsulxanası tərəfindən Amerika konsulxanasına göndərilmiş rəsmi bir məktub da göstərdi. Məktubda təbrizlilərin avropalılara hücum etmək hazırlığında olması, rus, polyak və sair avropalı qadınların soyulması və yerlilərin tez-tez onlara təcavüz etməsi, buna görə də çar konsulxanasının qəti tədbirlər görmək məcburiyyətində qalması yazılmışdı. Amerikalı qız mənə sual verdi: – Qadınlara təcavüz edilməsi məsələləri doğrudurmu? – Doğrudur. Mən bu barədə Nizamülmülkün çar konsuluna vazdığı məktubuna tamamilə şərikəm. Amerikalı qız başına hərəkət verərək: – Çar konsulxanasında başlamış təzə bir hazırlıq haqqında danışmaq üçün səni çağırmışam, - dedi. – Oradan aldığımız xəbərlərə görə Təbrizdəki demokrat təşkilatını və onların inqilabi komitəsini əldə etmək üçün müəyyən adamlardan ibarət yeni bir demokrat təşkilatı və onların inqilab komitəsini təşkil etmək istəyirlər. Bunu sənə xəbər verməyi Frikson da mənə tapşırmışdır, çünki özü xəstə olduğu üçün sizinlə görüşə bilmədi. – Çox razıyam, – dedim, - lakin səndən bir ricam vardır: lazımi tədbirlər görmək üçün həmin təşkilatın üzvlərini öyrənməli, hər necə olursa-olsun bu adamların siyahısını gətirməlisənl Miss Hanna əli əlimdə ikən: – Ona əmin ola bilərsən, – dedi. əki Amerikalı qız çar konsulxanasının təzə demokrat təşkilatı düzəltdiyini xəbər verdikdən sonra biz bütün təşkilat üzvlərinə bu barədə xəbər vermiş və onlara ehtiyatlı olmalarını tapşırmışdıq. Bizim qorxumuz xalça, əba və kisə fabriklərindən idi. Bu fabriklərdə çalışan fəhlələrin 35 faizini təşkil etmişdik. Lakin onların hamısı gənc və təcrübəsiz idilər. Onlar yalançı demokratların toruna çox asanlıqla düşər və bizim sirlərimizi ələ verə bilərdilər. Buna görə də onların hamısı ilə söhbət aparır və ehtiyatlı olmaları tapşırılırdı. Hələlik bu təşkilatın tərkibini öyrənə bilməmişdik. Bunların haradan və nə cür işə başlamaları da məlum deyildi. Bizim özümüz də qeyri-adi bir vəziyyət almışdıq, bizə hər kəs yaxın düşürsə, onu çar casusu və xəfiyyəsi hesab edirdik. Tanışlar və tanış olmayanlara adi sözləri belə danışmağa cəsarət etmirdik. Buna görə də bir çoxları bizə şübhəli nəzərlərlə baxırdı. Lazımi məsələlərdən ötrü müşavirə çağırmaq da mümkün deyildi. Vəziyyəti tezliklə öyrənməli idik. Bu məsələdən on beş gün keçirdi. Bu gün səhər tezdən təzə dinqilab komitəsinin divarlara intibahnamələr yapışdırdığı xəbərini aldıq. Bunu yalançı təşkilatın «inqilab komitəsi» buraxmışdı. Bununla da təzə xəfiyyə təşkilatı intibahnamələri oxumaq üçün yığılan xalqın əhvali-ruhiyyəsini öyrənmək və xalqın fikrindən xəbərdar olmaq istəyirdi. Lakin Təbriz xalqı xəfiyyə təşkilatının bu intibahnamələrinə çox da əhəmiyyət vermədi, çünki intibahnamələr mövzu və mündəricə etibarilə çağırıcı deyildi. Çar konsulunun göstərişi ilə düzələn vərəqlərin məzmunu bundan ibarət idi: dTəbriz camaatı! Qanlar və qurbanlar bahasına əldə etdiyiniz inqilab məhv olur. Lakin inqilabi fikirlər heç bir zaman məhv olmur! Hazırda Azərbaycan əyaləti zalım Nizamülmülkün və əyyaş vəliəhdin idarəsi altında əzilir. Məmləkətin gəlirini müftəxorlar və zalımlar yeyirlər. Siz Rəhim xanları və sairləri məğlub edən təbrizlilərsiniz. İndi artıq vəliəhdi və zalım Nizamülmülkü qovmaq vaxtıdır. İndi artıq siz özünüzü idarə etməlisiniz. Sizin zülmə qarşı soyuqqanlı olmağınızın hər bir dəqiqəsi məmləkəti illərcə geri salır. Zalımlarla hesablaşmaq üçün birləşin! İnqilab komitəsi sizin zalımlara qarşı başladığınız hər bir təşəbbüsü müdafiə edəcəkdir, siz köməksiz deyilsiniz. Öz evinizin ixtiyarını mərkəzdən kənar gələn yadların pəncəsindən qurtarın! İnqilab komitəsiə. Biz, həqiqi inqilab komitəsinin bu intibahnaməyə cavab verməsi işini təxirə salmağı qərara aldıq. Buna cavab vermək əhalinin fikrində bəzi qarışıqlıqlar da törədə bilərdi. Biz bu təşkilatın tərkibini öyrənməli, onları tamamilə ifşa etməli idik. Lakin bu təşkilatı öyrənməyimiz çox uzun çəkdi. Nə Nina, nə də amerikalı qız konsulxanalardan bir xəbər gəürə bilmədi. Nəhayət, xalça, əba və kisə fabriklərinin qapısında müəyyən adamlar qoyub o tərəflərdə dolananları və işçilərə yanaşıb söhbət edənləri öyrənməyə çalışırdıq. Qəssab və çörəkçi dükanlarının qabağındakı növbələrdə, məscidlərdə, qəbiristanlarda belə adamlar qoyub danışılan söhbətləri öyrənirdik. Gündüz saat on ikidə Dəvəçi qapısında olan çörəkçi dükanının qabağındakı növbədə çörək üstündə vuruşma olmuşdu. Təbrizdə hər bir iş yoluna qoyulduğu halda belə, çörək məsələsi düzəlməz bir məsələ idi. Növbə üstündə düşən vuruşmada bir nəfər gödəkboylu çopur, bir qılçası da şikəst kimi görünən adam tez-tez: «Düzəldərik. O qədər çəkməz ki, düzəldərik. Bura Təbrizdir. Buradan yüzlərlə Səttar xan çıxırə – deyə ona-buna müraciət edirdi. Quluzadə artıq bu adamdan ayrılmadı. Onunla bərabər Novbər qapısına və Səfi bazarçasına, Ləklər küçəsinə və sair yerlərə qədər getdi, lakin həmin adam yenə də camaat toplanan yerlərdə xalqa müraciət edərək, bayaqkı sözləri deyirdi. Quluzadə bütün günü həmin adamın dalınca gəzdikdən sonra onu Qaraməlik məhəlləsindəki evinə ötürüb mənim yanıma gəlmişdi. Biz daha onun evini gözdən kənar buraxmadıq. Gecə-gündüz onun evinin yanında qarovulumuz dururdu. Gecə saat on birdə həmin adam evindən çıxıb Əmrəxiz məhəlləsində Sərrac Əliqulu adlı bir adamın evinə gəlir, orada yarım saat təxir etdikdən sonra ikisi də birlikdə çıxıb Quruçay tərəfinə gedir, məhəllənin axırında bir evə girirlər. Oradan iki nəfər də özləri ilə bərabər götürüb polkovnik Krılovun mənzilinə gedirlər. Biz bununla məsələnin tamamilə içərisinə girə bilməsək də, sapın ucunu ələ keçirmişdik. Lakin onun dərinliyinə getmək üçün düşünülən tədbirlər cürbəcür idi. Yoldaşlardan bəziləri onlara qoşulub işləməyi məsləhət görürdü. Bu vasitə əlverişli bir vasitə deyildi. Bununla biz onları öyrənmək istədikdə onlar da bizi öyrənə bilərdi. Ən gözəl tədbir bu təşkilatı idarə edən adamı tapmaqdan ibarət idi ki, bunun üçün də qərar çıxardıq. Dörd-beş günün təftişindən alınan təcrübə bizə göstərdi ki, bu casus təşkilatının yuvası yenə də Dəvəçi məhəlləsindədir. Çox zəhmətdən sonra casus təşkilatının başında duran adamın Səttar xan zamanı əks-inqilab təşkilat olan İslamiyyə təşkilatı üzvlərindən Ağa Mir Sadıq Əbaçı olduğunu öyrəndik. Son günlər biz Mir Sadığı nə cür ələ keçirmək üzərində düşünürdük. Bu çox da asan deyildi. O, Təbrizin məşhur qolçomağı və hər kəsin tanıdığı lotulardan biri idi. Təbrizdə baş verən xəyanətlərin bir çoxu Mir Sadığın dəstəsi tərəfindən icra olunurdu. Gizli sui-qəsdlər, oğurluq, qulaq və burun kəsmək kimi işlərin hamısı Mir Sadığın dəstəsinin əli ilə idarə edilirdi. Lakin bizim xoşbəxtliyimiz burasındaydı ki, Mir Sadıq Təbriz demokrat təşkilatının təzə üzvlərini tanımırdı. Onun özünü ələ keçirməyə çalışırdıq. Onun evindən lazımi şeyləri əldə etmək mümkün idi. Lakin məsələ bununla bitmirdi. Bir çox məsələni onun özündən soruşmaq lazım idi. Mır Sadığı oğurlamaq, aldadıb bir tərəfə çəkmək və edam etdirmək çətin deyildi: axı onu məhv etməklə iş bitmirdi, yerdə qalan üzvlər yene də işləyəcəkdilər. Bizim məqsədimiz isə bütün təşkilatı ifşa etmək idi. O biri tərəfdən də Mir Sadıq dəvəçili idi. O hər halda alman konsulunun mütərcimi şahzadə Əbülfət Mirzəyə və başqalarına bənzəməzdi. Hər nə bəhanə ilə olursa-olsun onun evinə girmək qorxulu idi, çünki onun qüvvətli qolu və vuran əli var idi. O, qorxmaz və güllə qabağından qaçmaz biri idi. Bu məsələ də bizi çox düşündürürdü. Bir çox götür-qoy etdikdən sonra, yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara aldıq. Bu qorxulu vəzifəni ifa etmək üçün yoldaşlardan bir çoxu razılıq verdi. Lakin biz ehtiyatı əldən buraxmayaraq, bu vəzifəni həm qorxmaz, həm də inqilab zamanında imtahandan çıxmış adamlara tapşırmaq istəyirdik. Mir Sadığın evinə Arşak Surenyans, Mirzə Ələkbər Məmmədquluzadə, Tütünçüoğlu Əsəd və Quluzadə getməli idilər, gecədən verdiyimiz göstəriş sabah həyata keçməli idi. hi Axşam saat doqquzda aldığımız xəbərə görə Mir Sadıq evindən çıxıb Əmrəxiz məhəlləsində Sərrac Əliqulunun evinə girmişdi. Bu hadisə bizim üçün böyük bir asanlıq törədirdi, çünki Mir Sadığın özü evdə olduğu zaman qapını açdırmaq çox çətin idi. Ola bilərdi ki, o, qapını açmaz və yaxud açsa da, əlində silah olduğu üçün güllə atıb qonşuların işə müdaxilə etməsinə imkan yaradardı. Bu nöqteyi-nəzərdən də Arşak belə bir tədbir tökdü: nə qədər ki, Mir Sadıq evdə deyil, onun həyətinə bir nəfər girib gizlənməlidir. Mir Sadıq gəlib içəri girəndən sonra həmin adam qapını açıb yoldaşları həyətə buraxmalıdır. Onlar küçədə tək-tək, heç bir kəsin şübhəsini qazanmamaq üçün böyük bir diqqətlə gəzişirdilər. Vaxt ikən həyətə girib gizlənmək Tütünçüoğluna tapşırılmışdı. Gecə saat on ikiyə qədər həyətə girmək mümkün olmadı. Nəhayət, on ikidə Mir Sadığın evindən bir nəfər uşaq əlində fənər çıxdı, iki nəfər qadını qonşuya yola salmaq üçün getdi, uşaq çıxdıqdan sonra qapı bağlanmadı. Bununla da uşağın tez qayıdıb gəlməsi bəlli olurdu. Tütünçüoğlu irəli soxuldu. Lakin onlar bundan çox qorxurdular, çünki Tütünçüoğlu Mir Sadığın həyətini birinci dəfədir ki, görürdü. Onların qorxusu Tütünçüoğlunun gizlənmək üçün yer tapa bilməməsindən idi. Xüsusən Təbriz həyətlərinin hamısında köpək də saxlamaq adət olduğundan, Tütünçüoğlu məqsəd ələ gəlməmişdən qabaq tora düşə bilərdi. Bu qorxu uzun çəkdi, iyirmi dəqiqədən sonra uşaq əlində fənər qayıdıb içəri girdi və qapını daldan bağladı. Küçələrdən gediş-gəliş azaldı. Mir Sadığın qapısı ətrafında dolanmaq şübhə doğura bilərdi. Gecə saat ikiyə işləyəndə Mir Sadıq üç nəfər adamla gəldi. Onlardan ikisi fənər çəkirdi. Qapıya bir az qalmış fənər çəkənlər Mir Sadıq ilə vidalaşıb ayrıldılar. Mir Sadıq isə oxuya-oxuya öz qapısına tərəf irəlilədi. O, səsindən kefliyə bənzəyirdi. Qapını iki dəfə bərkdən vurdu. On dəqiqə yenə də qapıda durub oxudu. Nəhayət, qapının dalından nə səs gəldisə eşidilmədi, ancaq Mir Sadıq: – Mənəm, ana, qapını aç, – dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu. Mir Sadıq içəri girib qapını bağladı. Dışarıdakıların ürəyi çırpınırdı. Ancaq bu vəziyyət çoxda uzun çəkmədi. Bir azdan sonra qapının halqası düşdü və qapı yavaşca açıldı. Qapıdan bir qaraltı çıxdı. Arşak irəli getdi. Qayıtmadı, bununla da qapıdan Tütünçüoğlunun çıxdığı yəqin olduğu üçün yoldaşların hamısı qapıya yetişdi. İçəri keçdilər. Qaranlıq dəhlizdə yığışdılar. Hələ həyətə çıxmadan Mir Sadığın ev qapısı açıldı. O, bir əlində şam, o biri əlində aftafa su anbarına doğru gəlməyə başladı. O, alt paltarında idi. Arşak bu fürsətdən istifadə edərək Tütünçüoğluna müraciətlə yavaşdan: – Gəl, – dedi. Onların hər ikisi Mir Sadığın dalınca su anbarına girdilər. Mir Sadıq gecə saat ikidə su anbarında tanımadığı adamları görüncə özünü qara basdığını düşünərək: – Allahümmə səlli əla Məhəmməd və ali Məhəmməd, - dedi və aftafanı əlindəm yerə qoymaq istədikdə Arşak onaçılanı onun qulağına söykədi: – Səsini çıxaran kimi beynini tökəcəyəm! - dedi. Tütünçüoğlu həmin saatda Mir Sadığın köynəyini çıxarıb yarısı ilə ağzını, qalan yarısı ilə də qollarını bağladı. Mir Sadıq qollarının və ağzının bağlandığı zaman ancaq bu sözləri deyə bildi: – Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın! Arşak isə cavabında: – O alçaqlıq ancaq sizə məxsusduril – dedi. Tütünçüoğlu su anbarında Mir Sadıqla qaldı. Arşak dışarı çıxdı. Mir Sadığın ailəsi yatmışdı. Ancaq qoca anası yatmamışdı. Birinci növbədə ailənin yatdığı otaq gözdən keçirildi. Evin pəncərələri həyətə baxdığı üçün pəncərələrin və qapının dalında gözətçi qoydular. Qoca qadınla nə cür rəftar olunması barəsində düşündülər. O, Mir Sadığın otağında idi, onun həyətdən qayıtmasını gözləyirdi. O, Mir Sadığın yubandığını görüb, «keflidir, yıxılıb su anbarında qalarə - deyə tez həyətə çıxıb anbara yüyürdü. Quluzadə onun dalınca su anbarına girdi, girən kimi də qadın çığırmasın deyə ağzını tutdu və dəsmalı çıxarıb onun ağzını bağladı. Su anbarında qoca qadını gözləmək üçün bir nəfəri qarovul qoyub, Mir Sadığı çıxarıb otağa gətirdilər. Onun ağzını açdılar, bir neçə dəqiqə titrəyə-titrəyə nəfəs aldı, nəhayət, üzünü Arşaka çevirib: – Mənim əhli-əyalım necə oldu? – dedikdə Arşak: – Əhli-əyalından nigaran qalma, məsələdən xəbəri yoxdur, öz otaqlarında yatırlar. Onların toxunulmaz bir halda buraxılması sənin suallarımıza doğru cavab verməyindən asılıdır, – dedikdə Mir Sadıq: – And olsun cəddimə, hər nə soruşsanız doğrusunu deyəcəyəm! Hər nə istəsəniz verəcəyəm, ancaq sizdən xahişim vardır: birisi, əhli-əyalıma toxunmayın, ikincisi də həyatıma qəsd etməyin. – Bunların hər ikisi sənin öz rəftarından asılıdır. İndi de görüm təzə düzələn təşkilata nə vaxt daxil olmuşsan? – Siz bunu haradan bilirsiniz? – O sənin işin deyil, səndən söz soruşuram! Həmin casus təşkilatına nə vaxt daxil olmusan? – May ayının axırında. – Bütün dediklərinə vəsiqə verməlisən. – Vəsiqəm vardır. – Göstər! Arşak bunu dedikdən sonra Mir Sadıq: – Hərgah vəsiqə vermək lazımdırsa, o zaman rica edirəm ki, qollarımı açasınız. Arşak onun qollarını açdı, o, ayağa durub kiçik bir sandığı açdı, içərisindən rusca bir vəsiqə çıxardı. Bu vəsiqədə «Mir Sadıq Mir Ələkbər oğlu 125 nömrəli dəftərdə qeyd olunmuşdur? sözü yazılmışdı. – Sən Yemelyanovla necə tanış olmusan? – Mən birinci dəfəYemelyanovla yox, general Snarski ilə tanış oldum. – General Snarski ilə necə tanış oldun? – Onunla məni bir nəfər rus qadını tanış etdi. – Rus qadını səninlə nə cür tanış oldu? – Qadın 9-cu illərin axırında Rusiyadan gəlib burada mehmanxanada yaşayırdı. O, çox gözəl idi, namuslu idi, general Snariskinin bacısı qızı olduğunu söyləyirdi, mən onu mehmanxanada bir neçə kərə görüb xoşlamışdım. Qadın özü də mənə baxırdı, onun mənimlə tanış olmağa həvəsi var idi. Nəhayət, günün birində mən mehmanxana sahibi Aleksandra mətləbi açdım. O məni öz otağında qızla tanış etdi. Onunla bir ay mehmanxanada yaşadıq, sonra da ona cErmənistanəda ev tapıb ora köçürdüm. – İndi həmin qız haradadır? – Həmin qız yenə də orada yaşayır. – Kimlə yaşayır? – Xərcini mən verirəm. – Onun səndə şəkli vardırmı? – Vardır. – Göstər görüm. Mir Sadıq sandıqdan gənc bir qızın şəklini çıxardı, şəklin dalında rusca: «Qiymətli dostuma, Nataşadanp sözləri yazılmışdı. Qız olduqca gənc, olduqca da gözəl idi. – Qız kimin evində yaşayır? – Xaçatur xanın. – O səni Snarski ilə nə cür tanış etdi? – O məni bir neçə kərə dayısı evinə qonaq apardı. – Snarski səni təşkilata nə cür cəlb etdi? – Bizi cəlb etmək lazım deyildi, bizim özümüz o zaman inqilab əleyhinə mübarizə aparırdıq. – Sən o qızın Snarskinin bacısı qızı olduğuna inanırdınmı? – Bəli əvvəlcə inanırdım, lakin sonralar onun bir casus oldugünü və Snarski tərəfindən bu işə cəlb olunduğunu anladım. – O qız yalqızdırmı? – Xeyr, onunla bərabər bir çoxları var idi. Mən sonra bildim ki, onların hamısı Snarskinin bacısı qızı, dayısı qızı və sair bu kimi yaxın qohumları adı ilə bir çoxlarını aldadıb Snarskinin yanına aparırmışlar. – Snarskinin təşkil etdiyi dəstənin üzvlərinə maaş verilirmi? – Maaş alanlar da vardı, lakin mən almırdım. – Nə üçün? – Ehtiyacım yox idi. – Sənə nə kimi vəzifə tapşırılmışdı? – O zaman, ya indi? – Hələlik o zamandan danışırıq. – Əvvəlcə mən o qədər geniş bir vəzifə sahibi deyildim. İnqilabçıları öyrənmək, gizlənənləri tapıb qoşun dairələrinə xəbər vermək işi ilə məşğul idim. – Siz onları nə cür ifşa etmək istəyirdiniz? – Biz onları tapıb birlikdə işləmək və hamısını öyrəndikdən sonra həbs etdirmək istəyirdik. – Yoldaşların kimlərdir? – Xəbərim yoxdur. Hər kəs tək-tək işləyirdi. – Bu sözün doğrudurmu? – Cəddim haqqı, birisi də o yan-bu yan deyil. – Hərgah sən tək işləyirsənsə, gecələri Əmrəxizdə, Qaraməlik və Quruçay tərəflərində nə işin var idi? İndi mən yəqin edirəm ki, dediyin sözlərin hamısı yalandır. Bunun üçün biz səninlə başqa cür rəftar etməyə məcbur olacağıq və bir daha sənin həyatını təmin edə bilməyəcəyik. Mir Sadıq başını aşağı salıb fikirləşirdi. Lakin səbir və təxir etmək vaxtı deyildi. Saat dördə işləyirdi, hava bir saatdan sonra işıqlanacaq idi. Buna görə də Arşak qalxıb onaçılanı qabından çıxardı və dəmir sandığa doğru irəlilədikdə Mir Sadıq başını qaldırıb: – Cəddim haqqı, hamısını deyəcəm! – deyərək sözə başladı. – Təşkilat 120 nəfərdən ibarətdir. – Adlarını söylə! – Öz əsl adları gizli adları ilə bərabər məndədir, hamısını götürün gedin, məni öldürməyin. Sandığı aşdılar. Casus təşkilatının siyahısı, onun iş planları, vəsiqələr və sair qiymətli kağızların hamısını götürdülər. Bunlardan sonra Arşak soruşdu: – Pullar haradadır? – Paylanmaq üçün verilən pullar paylanıbdır. Qalan yüz min manatı verə bilərəm. Mir Sadıq durub pulları gətirdi, Arşak pulları da vəsiqələr qoyulan kisəyə yığdı. – Öz pulların haradadır? – Öz pullarımı neyləyirsiniz? – Uzun danışma, dur gətir! Mir Sadıq qalxıb xalçanı qaldırdı və yerə basdırılmış kişik bir cəbə çıxardı. Orada çar qızılları, ingilis, amerikan qiymətli kağızları və sairələr var idi. Lakin Arşak bununla razılaşmadı. Mir Sadığın gizlətdiyi paraların hamısını aldı. Qadınlara məxsus qıymətli zinət şeylərini isə tamamilə mizin üstünə qoydu. Daha heç bir şeyə əl vurmadılar. Gecə saat dörddə ulduzların şəfəqi söndüyü zaman Arşak da göz bəbəkləri bozarmaqda olan Mir Sadığa müraciətlə: – Öl, xain! Böyük bir xalqın taleyini çar ğandarmına satanların cəzası budur! – əbanı onun üstünə çəkdi. Bir gün sonra Təbriz küçələrində «Təzə demokrabə təşkilatı, daha doğrusu, casus təşkilatı üzvlərinin siyahıları divarlara yapışdırıldı. * * * Ad günü, xalqın şad günü İranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir. Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi. Məşədi Kazım ağanın təklifinə görə doğulan uşaqlara ad qoyulması bayramını 1917-ci il martın doqquzuna, yəni Novruz bayramına qədər təxirə salmaq lazım idi. Nina buna razı olmadı, o. martın birində uşaqların adını qoymağı məsləhət görürdü, çünki martın birində Məcidin də on yaşı tamam olurdu. Nina deyirdi ki, anadan doğulan beş nəfər uşaq gələcək İranda təzə nəslin başlanğrcidir. Buna görə də bu bayramı Novruz bayramı ilə qarışdırmayib ayrıca keçirək. Məşədi Kazım ağanın gəlinləri Töhfə və Sənubər bir qız, bir oğlan, Mahru xanım bir oğlan, Təhminə xanımın gəlini, Həsənağanın arvadı Nazənin xanım bir oğlan, Nabat xanım da bir oğlan doğmuşdu. Doğrudan da, bu uşaqların hamısı, Ninanın qayğısı sayəsində yaşayan mədəni ailələrdə doğulmuşdu. Buna görə də Nina təbiətin bu böyük hadisəsinə diqqət verir və bu hadisələri təntənəli bir surətdə qeyd etməyə çalışırdı. Nina ziyafət təntənəsini öz evində düzəltmişdi. Bu ziyafətdə gözə çarpacaq yeniliklərdən biri də Ninanın miss Hannanı dəvət etməsi idi. Məşədi Kazım ağa Ninanın bütün göstərişlərini yerinə yetirmişdi. Ziyafətə lazım olan hər şey hazırlanmışdı. Ziyafət gündüz saat üçə təyin edilmişdi. Ziyafət salonunda Şərq və Qərb qadınlarının qədim qiyafəsini göstərən heç bir şey yox idi. Təhminə xanim kimi qoca bir qadın belə tamamilə avropalı kimi geyinmişdi. Onun danışığı da Təbrizin başqa qadınları danışan mövzulardan uzaq idi, çünki Təhminə xanım yeddi-səkkiz ildən bəri Ninanın evində olmuş və indiki söhbətlərin mövzusunu ondan almışdı. İstər Təhminə xanım, istərsə də onun qızları və gəlini xeyli inkişaf etmişdilər. Buna görə də Məşədi Kazım ağa tez-tez: – İnqilabdan nə qədər dövlət qazandımsa öz yerində, lakin iki nəfər mədəni və savadlı gəlinim bütün dövlətimdən qiymətlidir, – sözünü təkrar edirdi. Çağırılan qonaqların hamısı vaxtında gəlmişdi. Başqa adam yox idi. Qadınlar Mahru, Nabat, Sənubər, Töhfə, Nazənin, Təhminə xanım, bir də Məşədi Kazım ağanın arvadından ibarət idi. Ziyafətdə yeddi-səkkiz nəfər qadın və bir bu qədər də kişi olmalı idi. Qonaqlar miss Hannanı gözləyirdilər. Küçədən fayton çarxlarının səsi eşidilən kimi otaqdakıların hamısı pəncərəyə, dəhlizə qaçırdı. Çox intizardan sonra Məşədi Kazım ağanın faytonu miss Hannanı gətirdi. Gəlinlər və Nina onu məhəbbətlə qarşıladı, onun əlini sıxa-sıxa, öpə-öpə salona daxil etdilər. Miss Hanna məniməlimi sıxdı. Onu Məşədi Kazım ilə tanış etdim, o hamı ilə tanış olduqdan sonra Ninanın yanına gəldi. – Çox təəssüf edirəm ki, mən indiyə kimi özümü böyük bir təhlükədən qurtarmış adamla bu qədər gec tanış oldum, - dedikdə Nina: – Özümüz tanış olmasaq da, gördüyümüz iş və daşıdığımız vəzifə bir-biri ilə sıxı əlaqədar idi. Sizinlə bu yaxın zamanda tanış olmağımıza baxmayaraq, mən sizi bacıdan artıq sevirəm, – deyərək onu bir daha öpdü, miss Hama isə Ninanın şübhələrini dağıtmaq üçün: – Mən Əbdülhəsənbəydən gördüyüm insaniyyəti heç bir şərqlidən görməmişəm, – dedi. Nina gülərək: – Bir çox avropalı vardır kı, düşüncə etibarilə şərqlilərdən qat-qat aşağı durur, Əbdülhəsənbəy şərqli olduğuna baxmayaraq, mədəni avropalı qədər mütərəqqi bir düşüncəyə malikdir. – Elədir! – Miss Hanna dedi. – Son zamanlar mənim yeganə arzum, sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir. Mən bunu qəlbən arzu edirəm. Onlar söhbət edə-edə gəlib davanın üstündə oturdular. Nina miss Hannanın əlini əlinə alaraq onunla əylənməyə başladı. Bizim hər birimiz bu iki qızın təzə başlamış dostluğundan şadlanırdıq, xüsusən mən bu iki qızla başladığım romanın nə ilə qurtaracağı haqqında daim rahatsız olurdum. Mənim rahatsızlığım hamıdan artıq Nina tərəfindən idi, çünki onun məndən inciməyə və məni ikiüzlü hesab etməyə haqqı vardı. Lakin nəticə mən düşündüyüm kimi çıxmadı, onlar birinci görüşlərindən bir-birinə rəqib kimi yox, bir dost kimi baxdılar, xüsusən Nina bütü» hərəkətində amerikalı qızı sevdiyini nişan verirdi. Mən bir daha insanları öyrənmək işində savadsız olduğumu hiss etdim. Mən qadın qəlbini kişilərin arşını ilə ölçməkdə səhv etmişdim. Mən ancaq bu gün anladım ki, kişilərin qəlbi ilə qadınların qəlbi eyni xüsusiyyətə malik deyildir və bir qadının qəlbi də başqa qadının qəlbimə bənzəməz. Qızlar söhbəti gətirib məhəbbət fəlsəfəsinə çıxardılar. Özüm hiss etmədən dodaqlarımdan belə bir cümlə çıxdı: – Hərgah sən filosof olmaq istəyirsənsə, şəkilcə, quruluşca bir-birinə oxşayan və eyni zamanda cəhətcə bir-birindən fərqli olan milyonlarla insan qəlbini öyrən, – dedikdə həm Nina, həm də miss Hannanın mənə baxıb güldüklərini gördüm. Daha otura bilmədim. Çünki mən adətim üzrə bir fikirdən silkələnmək üçün ayağa qalxmalı idim. Qalxdım, hamı da qalxdı, bir neçə baş o tərəf-bu tərəfə dolandıqdan sonra Məşədi Kazım ağa əlini döşünə qoydu və yemək otağının qapısını göstərməklə: – Buyura bilərsiniz! – dedi. Yemək süfrəsində güllər və çiçəklərdən, bir də şirnidən başqa heç bir şey yox idi. Təzə doğulan uşaqları gətirdilər, onları cərgə ilə güllərin içərisinə düzdülər. Nə atalar, nə də analar indi nə edəcəyini bilmirdilər. Nina bir kağız çıxarıb göstərdi. – Bu kağızda dörd qız adı vardır. Bunları yazıb örtülü bir qabın içərisinə tökmək lazımdır. Hər qızın anası o yazılardan birini götürməlidir. Adların hansı birisi çıxarsa, qıza həmin adı verməliyik, – dedikdə Məşədi Kazım ağa danışdı: – Əvvələn mən ərz etmək istəyirəm ki, Nina xanım əvvəlcə o adları bizə oxusun. Hamı razı oldu. Nina qız adlarını oxudu: Mehriban Nərgiz Solmaz Həyat Bu adların hamısını Məşədi Kazım ağa bəyəndi. Sonra da Nina oğlan adlarını oxudu. Onlar da: Qəhrəman Səyyad Aslan Səttar 5, Cavad ağa) Əvəz? Heç kəs etiraz etmədi, adlar yazılıb bir qaba töküldü, analar əlini uzadıb kağızları çıxardılar. Birinci növbədə Sənubər əlini uzadıb bir kağız çıxardı, oxuyub bərkdən dedi: – Solmaz! Oğlanların da anaları kağızları çıxardılar. Birinci növbədə Mahru xanımın oğlunun adı Cavad ağa, ikinci Nabat xanımın oğlu Səttar, üçüncü Töhfə xanımın oğlu Əvəz, dördüncü Həsənağanın oğlu Səyyad adını qazandı. Nina uşaqları bir-bir ötürüb öpdü və analarının qucağına verdi, həm də anaların hər birisinə bir qiymətli hədiyyə bağışladı. Nina və mən təzə doğulanların gələcək səadəti barəsində bir qədər danışdıq, nəhayət, amerikalı qız söz alaraq ayağa qalxdı: – Əziz xanımlar və möhtərəm ağalar! Mən Şərqi bir şərqli kimi tanıya bilməsəm də, bir Avropa şərqşünasından daha artıq tanıyıram. Mən Şərqdə illərdən bəri yaşadığıma baxmayaraq, mədəni ailədə olduğum birinci kərədir. Bu ailə yalnız Şərqdə deyil, Avropa ailələri içərisində belə nümunə olacaq bir ailədir. Təzə doğulan balacaların ad bayramında iştirak etdiyim üçün özümü xoşbəxt hesab edirəm, çünki bu bayram ən xoşbəxt bir günə təsadüf edir, mənim balaların ad günü bayramına gətirdiyim hədiyyə balaların özü və anaları üçün böyük bir hədiyyə olmaqla bərabər, bütün İran, bəlkə də, bütün Şərqi və Qərbi Rusiya xalqları üçün də mühüm bir hədiyyə hesab oluna bilər. Bu hədiyyəmlə mən sizi və bütün əsir xalqları təbrik edirəm. Miss Hanna bunu dedikdən sonra əlini atıb redikülündən bir kağız çıxarıb Ninaya verdi. Nina kağızı oxuyub miss Hannanı qucaqlayıb dodağından öpdü və o, məclisə müraciətlə: – Yaşasın xalqların azadlığı, məhv olsun çar mütləqiyyətil Miss Hannanın verdiyi kağızda II Nikolayın taxtdan düşürüldüyü və Rusiyada üsuli-idarənin dəyişildiyi xəbər verildi. Nədənsə konsul bu hadisəni gizlətmişdi. Xəbər Vaşinqton vasitəsilə Tehrana və Tehrandan da Təbrizə – Amerika konsulxanasına verilmişdi. 12 Bunlar Ninanın dərnəyində iştirak edən, vaxtı ilə Maralan səngərlərində öldürülən gənclərdir. RƏDD OLSUN MÜHARİBƏI: Təbriz inqilabçılarının ümumi iclasını çağırıb 11 Nikolayın taxtdan düşürülməsi xəbərini elan etdim. Lakin onlardan bir qismi buna inanmaq istəmədi, hər kəs bir-birinin üzünə təəccüblə baxıb deyirdi: – Ağa buna inanmaq mümkündürmü? Nikolayı hansı bir qüvvətlə yıxmaq olar? Onlar çar Rusiyasının vəziyyətindən xəbərdar deyildilər. Onlar xalqın aclığını, çılpaqlığını bilmir, fabrik-zavodların qapandığını, əhalinin cəbhə həyatından yorulduğunu, o tərəf-bu tərəfdə üsyanlar qalxdığını, Petroqradda və sair böyük şəhərlərdəki işçi çıxışlarını eşitməmişdilər. Mən onlara Rusiyanın vəziyyətini lazımınca təsvir etdim. Soldatların müharibə etmək istəmədiyini xəbər verdim: nəhayət, onlar inanan kimi oldular. Onlar yenə də şəhərə və qoşun arasına intibahnamələr dağıdılmasını məsləhət bilmirdilər, qorxurdular. Mən: – Bütün məsuliyyəti öhdəmə götürürəm, II Nikolay yoxdur, bu xəbəri çar qoşunları arasında yaymaq lazımdır, – dedikdə etiraz etdilər və bir səslə: – Biz hələlik təzə hökumətin siyasətindən xəbərdar deyilik, onların xarici siyasətini bilmirik. Ola bilər ki, buraxdığımız intibahnamələr öz zərərimizə səbəb olsun, – dedikdə yenə də mən: – Hökumət bolşeviklərin əlində deyil. Madam ki, təzə hökumət ingilis və fransız hökumətləri ilə olan ittifaqını və müharibəni davam etdirir, bolşeviklər heç bir zaman belə hökumətə tərəfdar olmazlar. Bolşeviklər müharibənin dayandırılması tərəfdarıdır. Çar konsulu Petroqraddan göstəriş almışdır. O, əvvəldə olduğu kimi öz siyasətini davam etdirməkdədir. Siz mənə icazə verin, bəlkə də. biz intibahnamələri hazırlayana qədər bolşevik qəzetini ələ keçirə bildik, – dedikdə razılaşdılar, intibahnamələrin düzəldilməsini mənə tapşırdılar. Biz hələ intibahnaməni düzəldib bitirmədən və soldatlar arasında dağıdılacaq vərəqləri çap edib qurtarmadan Amerika konsulxanası vasitəsilə Rusiya hadisələrinə dair təzə xəbərlər aldıq. Bu xəbərlərdə «Petroqrad fəhlə nümayəndələri sovetinin əxbarı? adlı qəzetin birinci nömrəsinin çıxdığı və Petroqrad fəhlə nümayəndələri sovetinin martın 1-də soldatlara müraciət etdiyi bildirilirdi. Hazırladığımız intibahnamələr bütün konsulxanaların və əslən iranlı olub pul və sərvət qazanmaq üçün çar təbəəsi olanların qapılarına yapışdırılmışdı. Çarın taxtdan düşürülməsi xəbəri bütün Təbrizi ayağa qaldırmışdı. Çar təbəələrinin və çar himayəsində olanların qapısında vurulan çar bayraqları bir anda yox oldu. Konsulxana bağlanmışdı. Artıq çar konsulxanasının çar kazakları deyil, İran polisləri mühafizə edirdi. Çar təbəələri və çar himayəsində olanlar qorxudan dışarı çıxa bilmirdilər. İnqilab komitəsi hər bir ehtimala qarşı hazırlıq görmüşdü. Rusiya təbəəliyinə keçmiş iranlılardan olmazın işgəncələr və haqsızlıq görənlərin çıxışlarına imkan verməmək üçün inqilab komitəsi öz buraxdığı müraciətnaməsində əhalini sakitliyə dəvət edirdi. Təbrizlilər tərəfindən Rusiya təbəələrinə hücum edildiyi zaman rus soldatlarının məsələyə müdaxilə edəcəyi qorxusu var idi. Bunun üçün də inqilab komitəsi olduqca ehtiyatlı hərəkət edirdi. Çar konsulu ancaq mart ayının 9-da 11 Nikolayın taxtdan düşürüldüyünü, müvəqqəti hökumət təşkil olunduğunu və Rusiyanın İran siyasətinə heç bir dəyişiklik olmayacağını öz müraciətnaməsində xəbər verdi. Bu müraciətnamədən sonra Təbriz xalqında böyük bir ruh düşkünlüyü yarandı. Hər kəs bir-biri ilə görüşdüyü zaman: – Ağa bu olmadı kıl. İndi ki, Nikolayın siyasəti davam edəcəkdi, daha onu taxtından salmaq nəyə lazım idi? – deyə öz narazılığını bildirirdi. Buna görə də Rusiya bolşeviklərinin verdiyi manifesti tərcümə etdirib Təbriz divarlarına yapışdırdıq. Eyni zamanda Rusiya bolşeviklərinin məqsədləri və bu inqilaba nə kimi nəzərlə baxdıqları barədə də ciddi izahat kampaniyasına başladıq. Təbrizdəki soldatların fikrini öyrəndik. Onlar inqilaba hüsn-rəğbət bəsləyir və bolşevik ədəbiyyatı ilə həddindən artıq maraqlanırdılar. Buna görə də əlimizə gələn ədəbiyyatı bir çox nüsxələrlə çap etdirib soldatlar arasında dağıdırdıq. Xoydan, Dilmandan və Makudan Təbrizə gələn soldatlar vasitəsi ilə cəbhələrə də intibahnamələr göndərirdik. Soldatlar arasında Rusiyaya qayıtmaq barəsində çıxışların sayı gündən-günə artırdı. Bizim intibahnamə buraxdığımızdan bir neçə gün sonra rəsmi olaraq cəbhə komandalarına və İran Azərbaycanında yerləşən ayrı-ayrı hissələrə Petroqrad fəhlə nümayəndələri Sovetinin müraciətnaməsi gəlmişdi. Soldatlar arasında «xala xatırın qalmasın?p – deyə sovet düzəlirdi, lakin soldatların həyatı və zabitlərin onlara qarşı zalımcasına münasibəti heç də dəyişməmişdi. Biz bununla da mübarizə aparır və bolşevik ədəbiyyatını əldə edən kimi soldatlar arasına dağıdırdıq. Bu gün Nina birinci kərədir ki, konsulxanaya getmişdi. Axşam onunla görüşdük, o, çox kədərli görünürdü. Bundan şübhələndim, öz-özümə: 4Bəlkə də, konsul bizim bu hərəkatda istirak etdiyimiz barəsində Ninaya bir söz demişdirə, – deyə zənn etdim, çünki Nikolay taxtından yıxıldıqdan sonra Rusiya qoşun dairələrinin yerli xalqa qarşı münasibəti daha da fənalaşmışdı, onlar xırda bir şübhə üzərində onlarca iranlını həbs etdirirdilər. Bu cür fikirlər üzərində çox düşünmədim, əlimi Ninanın saçlarında gəzdirərək: – Əziz dostum, - dedim, - sən heç vaxt özünü əsəbiləşdirəcək məsələlər üzərində düşünmə. Sənə istirahət lazımdır. Xəstəlikdən təzə durmusan, bu gün yenə də səni kədərli görürəm. Yaxşı olardı ki, sən konsulxanadakı işini buraxaydın, indi artıq o vəzifənin əhəmiyyəti qalmayıb. Daha çar hökuməti yoxdur. Kiçik xəbərləri başqaları vasitəsilə də ala bilərik. Nina başını qaldırıb üzümə baxdı və: – Doğrudur, Nikolay yoxdur, – dedi, – lakin onun müstəmləkə siyasəti davam edir. Konsulxanada heç bir dəyişiklik yoxdur. Bu gün Rusiyanın öz müvəffəqiyyətinə sadiq qaldığı və müharibəni davam etdirəcəyi haqqında Petroqraddan rəsmi məlumat gəlmişdir. Dövlət duması üzvlərindən düzələn «Müvəqqəti hökumətəin başında oturan radzionkolar Rusiya proletariatına nə kimi bir səadət verə bilər? Onlar inqilabın işçi-kəndli və soldatlar tərəfindən yaradıldığını nəzərə almır, soldatların inqilaba nə üçün qoşulduqlarını fikirlərinə gətirməyərək, yenə də müharibəni davam etdirmək istəyirlər. Ninanın nədən ötrü kədərləndiyi məlum oldu. O, yenə də bolşevikləri tanımamışdı, bolşeviklərin bu inqilabdan qənaətlənməyərək proletar inqilabına hazırlandığını bilmirdi, buna görə də ona bir neçə məsələ barəsində izahat vermək lazım gəlirdi. – Konsulxanada olan xəbərlər köhnəlmişdir, – dedim. - Müvəqqəti hökumət düzəlmişdir. Hökumət başında Milyukov və Kuçkov kimilər durmaqdadır. Onlar Müvəqqəti hökuməti cBuryuaziyanın vahid hökmranlığı? şüarı altında düzəltmişdir. Milyukov müvəqqəti hökumətin tərkibini Tavric sarayının salonunda elan etdiyi zaman, knyaz Lvovun da adını çəkmiş və bununla da Müvəqqəti hökumətin simasını bildirmişdir. Milyukov hələ Nikolay öz istefasını vermədən Tavric sarayında böyük knyaz Mixail Aleksandroviçin naib təyin edilməsi, II Nikolayın oğlu Alekseyin vəliəhd olacağını elan etmişdir. Milyukov hökumət tərkibini elan etdiyi zaman: Biz hazırda hökuməti parlamentli, konstitusiyalı, bir monarxiya hökuməti təsəvvür edirdik, – demişdir, – bəlkə də, başqaları başqa cür təsəvvür edir. Hərgah biz indi bu məsələnin üzərində çəkişməyə imkan vermiş olsaq, Rusiyada vətəndaş müharibəsi də baş verə bilər. Hərgah işlər düzəlsə və məmləkətdə qayda-qanun bərpa olsa, o zaman məclisi-müəssisan çağırılması məsələsini qoyarıq). Lakin buryuaziyanın bu fırıldağı baş tutmamışdır. Zavodlardan, alaylardan gələn nümayəndələr Milyukovu öz sözünü geri götürməyə məcbur etmişdir. Rusiyada düzəldiləcək hökumətin layihəsini ancaq Rusiya bolşevikləri düzəldəcəkdir. Onu Lenin düzəltmişdir. Müvəqqəti hökumət isə doğrudan da, müvəqqətidir. Nina sakit olmayaraq: – Lenin Rusiyaya gələ bilməyəcəkdir. Müvəqqəti hökumətin xariciyyə naziri əcnəbi ölkələrdə olan bütün konsulxanalara bu barədə xəbər vermişdir, – dedikdə mən: – Milyukov əmr verə bilər, – dedim, – lakin Lenin də Rusiyaya gəlməyi bacarar! * * * Miss Hanna gedir Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi: – Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi. Mən tez miss Hannanın evinə yola düşdüm. Uzun yolu gedərkən bu qızın haqqında düşünürdüm. O, Təbrizdə qala bilməyəcəkdi. Amerikaya da dönmək istəmirdi, atasının yazdığı məktublara mənfi cavablar göndərmişdi. Faytondan düşüb qızın həyətinə girdim. O, balkonda bir nəfər ortayaşlı kişi ilə gəzirdi. Qız mənim pilləkənlərdən qalxdısimi görən kimi yanındakı kişiyə dönərək: – Odur, özüdür, gəlir, —dedi və balkonun qapısını açıb məni qarşıladı. Balkonun qapısından içəri girən kimi miss Hanna yanındakı kişini mənə təqdim edərək: – Tanış olun, atamdır! – dedi. Mən onun əlini sıxdım və birlikdə otağa girdik. Miss Hanna mənim barəmdə o ki lazımdır öz atasına danışmışdı, çünki atasının mənə etdiyi təşəkkürlər bunu sübut edirdi. O, qızını Amerikaya aparmaq üçün gəlmişdi. Tehrandan ingilis səfarətinin maşınında gəldiyi üçün gecə saat dörddə yola düşməli idi. Miss Hanna özü məni vidalaşmaq üçün çağırdığını söylədi. Lakin qız Təbrizdən getmək istəmirdi, buna görə də qızın atası mənə müraciətlə: – Siz də buna nəsihət edin, vəziyyət qızımın burda qalmasına icazə vermir, – dedikdə mən də vəziyyətin qorxulu olduğunu qıza anlatdım. Nəhayət, miss Hanna mənə müraciətlə: – Elə isə Nina Nikitina ilə də vidalaşmaq üçün məni onun yanına aparın, - dedi. Qızın atası ilə vidalaşıb Ninanın evinə yola düşdük. Fayton qapıdan təzəcə uzaqlaşmışdı ki, miss Hanna əlini əlimin üstünə qoydu. – Bu əlin namusuna and içirəm, sənə olan səmimi sevgim ömrüm olduqca davam edəcəkdir, – dedikdə mən cavab verdim: – Uzun illərdir ki, biz sevgi fəlsəfəsinin hamısını danışmışıq, bizim tanışlığımız da fəlsəfələrlə başlamışdı, ona görə də bu dostluğun son səhifəsini də fəlsəfə ilə bitirmək lazımdır. Gözəl və səmimi dostum, mən sənə inanıram, lakin insan həmişə öz sevgisinə nail ola bilmir. Sevgidən çox vaxt ancaq xoş bir xatirə qalır. Səndə bu xatirənin möhkəm yaşayacağına əminəm. O xatirələr heç bir zaman məni sənə unutdurmayacaqdır. Kim bilir, bəlkə də, bulanıq dünya bir zaman durulacaq, biz səninlə yenə də görüşəcəyik. Mənim bu sözlərimdən miss Hanna ağladı və dodaqlarını mənə uzatmaq istədikdə mən: – Bu sənin həyəcanını daha da artırar, – dedim. O isə: – Sevgi xatıratının böyük dəftərini bu öpüşlə möhürlədim, – dedi. kohok Demokrat firqəsinin təşəbbüsü nəticəsində İranın başqa şəhərlərində olduğu kimi Təbrizdə də rus hissələri ilə yerli xalq arasında qardaşlıq münasibətləri başlanırdı. Soldat komitələri demokrat firqəsinə müraciət edərək əlbir işləməyə və azadlığa çağırırdı. Şəhərin meydanlarında və cəmiyyət çox olan yerlərdə mitinqlər düzəlirdi. Soldat nümayəndələri öz nitqlərində menşeviklərin siyasətini bərk tənqid edir və müharibənin dayandırılmasını tələb edirdilər. Bu gün azadlıq sevən rus soldatları qəbiristana getməyə və İran inqilabı zamanı həlak olan qəhrəmanların qəbirlərinə gül qoymağa hazırlaşırdılar. Mən evə gəldikdə evdə tamamilə başqa bir vəziyyət gördüm. Nina, Təhminə xanım, Məşədi Kazım ağanın gəlinləri, Mahru və Nabat xanım hara isə getmək üçün hazırlaşırdılar. Mən Ninaya sual verdim: – Hara getmək istəyirsiniz? Nina qəhərlənərək dedi: – Məlun irticanın və ingilis-çar casuslarının qorxusundan inqila» yolunda məhv olanların qəbirlərini ziyarətə getmək mumkün olmamışdı. Xüsusən Zeynəbin və Cavad ağanın qəbirlərinin ziyarətinə gedirdik. Ninanın cErmənistanşa sifariş verdiyi gül dəstələrini gətirdilər. Nina Məcidi də götürüb qəbiristana yola düşdü. Biz də bir neçə nəfər izdihama qoşulub qəbiristana getdik. Hələ mitinq başlamamışdı, inqilabçı rus soldatları əllərində gül dəstə-dəstə gəlirdilər. Mitinq açıldı, yerli inqilabçı kargər nümayəndələri ilə bərabər soldat nümayəndələri danışdılar. Bu nümayiş Təbriz xalqı arasında geniş bir təsir bağışladı. Qəbiristanda çiçəklərlə bəzənmiş qəbirlərin ətrafında qırmızı bayraqlar əsdikcə inqilabçı soldatların «ura-uraə səsləri Təbriz üfüqlərində əks edirdi. Demokrat firqəsi üzvləri ilə bolşevikləşmiş soldatların görüşüb öpüşməsini görən əhali sevindiyindən ağlayırdı. Elə bil illərlə həsrət qalan iki qardaş bir-birinə qovuşmuşdu. Təbrizlilər və soldatlar müstəmləkəçilik siyasəti yeridən, hər iki xalq arasında düşmənçilik salan çar hökumətinin aradan qaldırılmasına sevinirdi. Çar siyasəti nəticəsində xalqa çox qorxulu görünən soldatlara əhali indi öz yaxın dostları kimi baxır və azadlıq işindəki mübarizələrində onlardan kömək alacaqlarına inanırdı. Qayıdarkən mən Ninanı və onunla bərabər ziyarətə gələnləri Cavad ağanın və Zeynəbin qəbirləri üstündə gördüm. Zeynəbin qəbirinin yanında bir tüfəng də qoyulmuşdu. Nina ağlayaraq qəbrə xitab edirdi: – Zeynəb, azadlıq günləri yaxınlaşdı, dur silahını götür!.. Soldat nümayəndələrindən bir çoxu tüfəngi qəbrin üstündə görüb təəccüb etdilər və məndən bunun səbəbini soruşdular. Mən də cavabında: – Bu qəbir inqilabçı bir qadının qəbridir. O, şah hökuməti ilə aparılan mübarizədə tələf olmuşdu. Bu onun silahıdır, – dedikdə Zeynəbin qəbrinin üstündə ikinci bir mitinq açıldı. Bolşevik soldatlar Zeynəbin ruhu xatirəsinə iki yaylım atəşi açdılar. Qayıdan zaman qəbiristana baxarkən oranı çiçəklər içərisində gördüm. Axşam saat səkkizdə evə qayıtdıq. Evdə böyük bir şadlıq ziyafəti düzəltdik. Ziyafət əsnasında Təsvicdən gələn qasid İraidanın məktubunu gətirdi. Məktub bu sözlərlə başlanmışdı: «Əziz bacım Nina! Olduğum ailə öz doğma ailəmiz qədər mədəni və sevimlidir. Zənn edirəm ki, siyasi vəziyyət dəyişdiyi üçün Əbülhəsənbəy mənim Təbrizə qayıtmağıma icazə verər. İraidaə Biz məktubu alan kimi Məşədi Kazım ağa və Tütünçüoğlunun İraidanı gətirmək üçün sabah tezdən yola düşmələrini qərara aldıq. * * * Oktyabr inqilabı Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım: – Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır. Mən sözümü bitirəndən sonra yenə də müzakirə başlandı, gələcək xətt-hərəkat barəsində danışdılar. Sonra da firqənin sərəncamında olan pullar haqqında danışıldı. Bu pulların bir qısmini firqənin təşkilat işlərinin güclənməsinə xərcləmək, bir qısmini də ölmüş və yoxsul düşmüş inqilabçıların ailələrinə paylamaq, aclıq çəkən kəndlilərə vermək, xəstəliklərlə mübarizə aparılması işlərinə sərf etmək qərarı çıxarıldı. kok Mən çox qiymətli və zəngin olan bu xatirat dəftərini oxuyub müəllim Məcid Cavadoğluna qartardığım zaman ona sual verdim: – Bu qəhrəman sənin atan idimi? – Xeyr, o mənim atam deyil idi. Mən həmin xatirat dəftərində göstərilən Məcid Cavadoğluyam. – Bəs bu xatiratı yazan Əbülhəsənbəy kimdir? – O, əslində təbrizli olub, vaxtilə Bakıda Ramana mədənlərində işləmiş mexanik Nüsrət Hüseynovdur. – Nüsrət Hüseynov? – deyə heyrətlə soruşdum. – Mən onunla harada görüşə bilərəm? Onun özü, yəqin ki, zəngin həyatından bu dəftərdə yazılanlardan on qat artıq nağıl edə bilər. Müəllim bir ah çəkərək: – Təəssüf ki, o sağ deyil, – dedi. – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycanda qalxan inqilabi hərəkatda yaxından iştirak etdiyi üçün onu 1921-ci ildə şahənşah hökuməti Təbrizdə edam etdirdi. – Bəs onun sevgili arvadı Nina xanım haradadır? – O mənim anamdır. Hazırda Arşak Surenyansın saxladığı yetimlər evində mürəbbiyəlik edir. Müəllim bu sözləri dedikdən sonra xatirat dəftərini portfelinə qoyub uzaqlaşdı. * * * == Gizli Bakı == Zavodda Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar. Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar. Pavluşa maşanı götürüb kürəni qurdalayırkən, emalatxananın mexaniki Çelman bayırda durub, pəncərənin deşiyindən gözünü Pavluşaya zilləmişdi. O, hər gündə olduğu kimi, yenə də Pavluşanın kimlərlə danışdığını öyrənmək istəyirdi. Çelman emalatxana müdirinə bu barədə raport vermək üçün Pavluşanın kimlə danışdığını cib dəftərçəsinə yazdı, yenə də gözünü Pavluşaya çevirdi. O, öz dəftərçəsinə bu sözləri yazdı: «Özü çox dikbaş və söz götürməyən bir adamdır; dili çox acıdır. Lakin nədənsə bütün fəhlələr onu sevir, fəhlələr arasında bir sözü iki deyil. Bu gün nahar yeməyində, işə başlamadan qabaq, yenə də Ayrapet, Əsgər, Məmməd və Vasya onun başına toplaşmışdılar. Pıçıldaşırdılar, sözləri də şübhəli sözlərə oxşayırdı — oğru və şübhəli adamlar kimi danışırdılar. Mənə qalırsa, bu dəstəni dağıtmaq lazımdır, çünki onlar emalatxananı zəhərləmişlər». Sonra Çelman emalatxanaya girdi, Pavluşaya yanaşıb dedi: – Mənim gözümün içinə yaxşı bax! Bura emalatxanadır, gizlin söhbət yeri deyildir. Sən birkərəlik bilməlisən ki, yüz sənin kimi dəmirçinin hesabını bir dəqiqədə verib yola salaram; bununla zavodun bir tükü də əskik olmaz. Sən bilməlisən ki, Nobel şirkətinin zavodları içərisində Qaraşəhərdəki zavod birinci intizamlı zavodlardandır. Bu intizam mənim işə diqqətlə baxmağımın nəticəsidir. Burada Çelman kimi mexanik var. Bildin? Yaxşı eşit, mənə Çelman deyərlər!.. Çelman çox uzun danışdı. Pavluşa ona heç əhəmiyyət vermədi. Qıpqırmızı dəmiri kürədən ağır maşa ilə götürüb zindanın üstünə qoydu, ağır çəkiclə vura-vura dedi: – Səni tanıyıram, sən də məni tanıyırsan. Mənə də Qaraşəhərdə dəmirçi Pavluşa deyərlər! Sən Nobelin Qaraşəhərdəki zavodunda məşhur bir mexaniksən, mən də bütün Bakı zavodlarında Pavluşa adilə məşhur bir dəmirçiyəm. Bütün Bakıda Pavluşa bir nəfərdir! Mən də sənə məsləhət görürəm ki, məni öyrənmək üçün öz üzərində bir qədər çalış. Hər gün mənə göz qoyursan, bununla belə yenə də mənim barəmdə savadsızsan. Pavluşa barmağı ilə alnının tərini sildi; tər damlaları qırmızı dəmirin üstünə tökülüb buxar oldu; sonra çox soyuqqanlılıqla dəmiri yenə kürəyə qoydu, öküz dili kimi qıpqırmızı qızarmış ikinci dəmiri götürdü, döyüb düzəltməyə başladı. Zavodda olanların hamısı Çelmanla Pavluşanın arasında gedən mübahisənin nəticəsini gözləyirdi; bir çoxları işini tamamilə dayandırıb həyəcanla onlara baxırdı. Çelman, qəfildən daş dəymiş bir köpək kimi açıqlanmışdı. Pavluşa kimi sadə bir dəmirçidən bu cür sərt sözlər eşidəcəyinə heç inana bilmirdi; lap yaxına gəlib, Pavluşaya bəzi sözlər demək istəyirdi, lakin Pavluşanın vurduğu ağır çəkicin zərbindən qırmızı dəmirdən qopan odlu pərəklər, qızıl qanadlı kəpənəklər kimi ətrafa uçuşur, onun yaxın gəlməsinə mane olurdu. O, uzaqdan Pavluşaya dedi: – Ey, sənə deyirəm, əlini saxla! Pavluşa dəmiri yenidən kürəyə atdı, silkələnərək, üstündən dəmir qurumlarını tökdü, tərini silə-silə: – İndi buyurun, — dedi, — qulaq asıram. Çelman əlini belinə vurub, gözlərini qıydı: – Özünə çox da güvənmə, — dedi, — səni bayıra atanda səni tanıyanların heç birisi gəlib deyə bilməz ki: «cənab Çelman, biz Pavluşanı tanıyırıq, qoyun öz yerində işləsin». Belə bir sözü deyən olsa da, mən ona deyərəm: — Sən də tanıdığın Pavluşa ilə cəhənnəm ol! Sən bu ilin hansı il olduğunu bilirsənmi? – Çox gözəl bilirəm — 1897-ci ildir. – İndi ki, bilirsən, öz haqq-hesabını bundan apara bilərsən! Görürsən ki, Kazandan başlamış Həştərxana kimi bütün Volqaboyunun əhalisi Volqa ilə axıb Bakıya gəlir. Onların içində yüzlərlə dəmirçi vardır ki, sən onların bir dırnağı da ola bilməzsən. Sən görürsən ki, gündə əlli nəfər rus, tatar, həmşəri iş üçün gəlib ayaqlarımdan öpür. Bu sözlər Pavluşanı çox açıqlandırdı. O, körüyün yanından maxorka qutusunu götürdü, bir parça qəzet kağızını lülələyib maxorkanı içinə doldurdu, maşa ilə kürədən bir od götürüb maxorkanı alışdırdı. Çelmanın cavabını verdi: – Mən sənin ayağını öpən adamlardan deyiləm, səninlə də işim yoxdur. Sənin mənə qarşı olan bu hərəkətinə heç bir mə'na verə bilmirəm. Çelman bir Kuşnaryov papirosu yandırıb dişinə aldı: – Sən bura gələnə qədər bir nəfər də olsa müdirin yanına şikayətə getməmişdi; nə məndən, nə də öz yaşayışından şikayət edən vardı. Mənə de görüm, niyə sən həmşəriləri, yerliləri öyrədib sahibkarların yanına göndərirsən? Sən rus, onlar müsəlman. Sən həqiqi bir pravoslavnı, onlar — maqometan. Sən bura gəlməmişdən qabaq onlar qoyun kimi başını aşağı salıb otlayırdılar; indi sənin nadincliyin nəticəsində onlar da başını qaldırıb, iş saatları və maaş məsələlərini danışırlar. Pavluşa dedi: – Mən heç kəsi öyrətmirəm. İndiyə qədər qoyun kimi başını aşağı salıb işləyən, şikayətə getməyən fəhlələrin indi şikayət etmələri çox da təəccüblü bir şey deyildir. Bunun iki səbəbi vardır: birincisi budur ki, «qoyunların» düşüncəsi dəyişir, onlar da adam kimi yaşamaq istəyirlər, ikincisi də iş şəraitinin ağırlaşmasıdır. İş o qədər ağırlaşmış, yaşayış o qədər çətinləşmişdir ki, «qoyunlar» da onu hiss edirlər. Burada Pavluşa və ya başqaları təqsirkar deyildir. Onların tatar, mənim pravoslavnı olduğuma gəldikdə, sənin bu fikrin sağlam, mədəni fikir deyildir. Bu fikrin haradan göyərdiyini, başqaları bilməsə də, mən yaxşı bilirəm. Burada işləyənlər hansı dildə danışsalar da, hansı dindən olsalar da, yaşayış ağırlığını daşımaqda birdirlər, qardaşdırlar. Çelman gülümsünərək: – Belə ha... İndi məsələ aydındır! — dedi. — Sənin axşama kimi burun-buruna verib danışdığın söhbətlər bundan ibarətdir. Buna mənim şahidim də vardır. Bu arada zavod müdiri içəri girdi. Çelman müdiri görcək: – Budur, cənab müdirin özü də təşrif gətirdi, — dedi. — Müdir cənabları məndən iş tələb edir, mən də sizdən iş tələb etməliyəm. Bəs sən nə edirsən? Zavod fəhlələrini öyrədib şikayətə göndərirsən. Özün dikbaş, nadinc bir adamsan, başqalarını da özün kimi etmək istəyirsən. Müdir Çelmanın əlini sıxdı, gümüş papiros qutusunu çıxarıb, Çelmana papiros təklif etdi, Çelman tələsik kibrit çəkib müdirin papirosunu yandırdı, sonra müdir Pavluşaya yanaşıb: – Hər kəsə iş lazımdır, — dedi, — hər kəs aldığı maaşın müqabilində işləməyə və on saatı səmərəli bir surətdə keçirməyə məcburdur. Siz fəhlələr hərgah müəssisələrin zərər verdiyini, mərkəzdən iş saatlarının artırılmasına və maaşların 10 faiz azaldılmasına dair gələn əmrnamələri və mənim sizin həyatınızı nəzərə alaraq buna etiraz etdiyimi bilsəydiniz, zənnimcə, belə məsələlərin heç birisinə imkan verməzdiniz. Sənin qabiliyyətin və zəhmətə yararlılığın barəsində heç bir danışıq ola bilməz. Lakin xasiyyətin səmərəli zəhmətə mane olur. Xasiyyətin də zəhmətin kimi olsaydı, ölünçəyə qədər Nobel qardaşlarının müəssisələrindən bayıra atılmazdın. Təəssüf olsun ki, sən buradan qovulmağa, hətta həqarətlə qovulmağa, həmişəlik işə götürülməmək şərtilə qovulmağa tələsirsən. Pavluşa əlini alnına çəkdi, tər qızarmış dəmirin üstünə tökülərək çızıldadı. Sonra o, əlini belinə qoyub, özünü məğrur bir surətdə düzəltdi, həm mexanikin, həm də müdirin üzünə diqqətlə baxdı. Bütün işləyənlər əlini işdən çəkmişdi. Nə çəkiclərin səsi, nə körüklərin gurultusu eşidilirdi. Hamı əlində maşası durub söhbətin nəticəsini gözləyirdi. Pavluşa sözünü qısa dedi: – Mən sözümü heç bir vaxt dəyişə bilmərəm, dəyişmək də istəmirəm; bir kəslə də işim yoxdur. Mən çox təəssüf edirəm ki, siz şikayətlərin səbəbini gizlətmək üçün başqalarını müqəssir göstərməyə çalışırsınız, halbuki şikayətlərin hamısına siz özünüz səbəb olursunuz. Hərgah fəhlələrin yatmağa yeri yoxdursa, o sizin yanınıza gəlib ev istəyirsə, buna kim müqəssirdir? Hərgah fəhlə üzünü yumağa su tapmırsa, əlüzyuyan istəyirsə, bunun təqsiri kimdədir? Fəhlə xəstələndiyi vaxt eşiyə atılıb divar dibində can verirsə, başqaları bunu görüb şikayətlənirsə, bunun səbəbi kimdir? Hərgah fəhlə on saat işlədiyinə müqabil qarın dolusu çörək yeyə bilmirsə, buna görə də şikayətlənirsə, buna Pavluşa nə eləsin?! Hərgah mexanik Çelman gündə yüz kərə fəhlənin anasına, atasına söyürsə, onun izzəti-nəfsinə, şərəfinə toxunursa, iranlıları, Volqa tatarlarını yumruq ilə vurursa, buna müqəssir kimdir? Mənə qalırsa mən fəhlələrin müdir yanına şikayətə getmələrinə razı deyiləm, çünki şikayətlə vəziyyət dəyişmir. Müdir bu sözlərdən çox açıqlandı. Pavluşanın üzünə tüpürməkdən qorxduğu üçün papirosunun ucunu hirslə çeynəyib qırağa tüpürdü. Çelman bu vəziyyətdən istifadə edərək dedi: – Emalatxananı idarə etmək mümkün deyildir. Hamını o öz əlinə almışdır. Bir baxın, hamı əlini işdən çəkmişdir. Görürsünüz, Ayrapet, Əsgər, hətta quzu kimi olan Məmməd belə qulaqlarını şəkləyib Pavluşanın sözünə qulaq asır. Bu halda Əsgər onlara yanaşdı, Çelman Əsgəri müdirə göstərib dedi: – Budur, üzünə deyirəm, çox gözəl dəmirçidir. Sadə, yumşaq bir müsəlman idi, indi isə evi yıxılıbdır. Pavluşanın başında olanların hamısını öz başında yerləşdirmişdir. Bir Əsgər deyil, burada olan ermənilərin və müsəlmanların hamısı zəhərlənmişdir. Hələ o, Ayrapetin şagirdi Heybətə bax! Bu uşaq da lazım olmayan sözləri danışır. Müdir çox durmadı, gedərkən üzünü emalatxanada olanlara tutub dedi: – Mən sizə ehtiyatlı olmağı məsləhət görürəm. Əsgər və Pavluşanın fikri sizi əyri yola çəkə bilər. Bu fikirlərin üstündə mərkəzi Rusiyadan, Yaroslavl və sair yerlərdən yüzlərcə adamı Bakıya köçürüblər. Yazığsınız, öz arvad-uşağınızın qeydinə qalın, sizin yerinizə yüzlərlə müştəri vardır. Əsgər müdiri dayandırıb dedi: – Çelman bizimlə bir mexanik kimi danışsa idi, o gərək əvvəlcə bizim öz vəzifəmizi layiqincə yerinə yetirdiyimizi deyəydi. Yox, hərgah o bizimlə xəfiyyə kimi rəftar edirsə, yenə də özünü bir xəfiyyə kimi aparmalı, öz ağasına yalan məlumat verməməlidir. Biz heç kəsi öyrədib müdir yanına şikayətə göndərməmişik. Bizim yerimizi yüzlərlə müştərinin gözlədiyinə gəldikdə — burası doğrudur. Biz çox yaxşı bilirik ki, bədbəxt və ac fəhlələr bir qarın çörəkdən ötrü qapı-qapı dolaşırlar. Hərgah Çelman bundan sevinirsə, buna görə də on saatlıq iş günü onu razı sala bilmirsə, onu açıqcasına deməlidir. Bizim fəhlələrlə əlaqəmizə gəldikdə, müdir cənablarına sual verirəm: bu əlaqəni qırmaq mümkündürmü? Yox! Çünki bu damın altında işləyənlərin hamısı bir cürə söyülüb-döyülür, çətinlik çəkir, aclıq çəkir. Hamısı bir cür bədbəxtdir, hamısının halı birdir! Çelmanın və müdirin tərəfində duran Külbala ilə Qurban irəli yeridilər, Əsgərin yaxasından tutub geri çəkdilər. Külbala dedi: – Adam başından yekə danışmaz! Allah xozeyinlərə ömür versin. Sənə deyirəm ki, düz get yerində otur! Bizim başımızı müdirin yanında aşağı eləmə. Yoxsa, sənin başını elə aşağı elərəm ki, bir də adam içinə çıxa bilməzsən! Ayrapetin şagirdi gənc Heybət sakitcə baxırdı. Ustası onun işə qarışmasına mane olurdu. Külbalanın sözü ona çox ağır gəldi. İrəli keçib, Əsgərlə Külbala və Qurbanın arasında durdu. – Hər kəsin əlindən nə gəlir, Əsgərə eləməsə, itdən də pisdir! Yaltaqlar! Sizə deyirəm, gözünüzü yaxşı açın! Bu adamlar sizin üçün balqabaq-zad deyil. Əsgərin gözünü puflayanın xəşilini çıxardaram. Emalatxanadan ümumi bir səs ucaldı: – Heybət, Allah səni bizə çox görməsin! Bu halda Ayrapet gəlib Heybətin qolundan tutdu: – Gəl işinə, bunlara baş qoşma! Onların işləri məlumdur. Emalatxanada böyük bir qalmaqal qalxdı. Sahibkar tərəfdarları ilə Pavluşa, Əsgər, Heybət və Vasya tərəfdarları iki tərəfə ayrıldılar. Müdir açıqlı halda emalatxanadan çıxıb getdi, Çelman isə fəhlələrdən uzaqlaşıb qapının ağzında durdu və dedi: – Sizin dilinizi kəsəcəyəm. Mənim bir fikrim vardır ki, o da çörəyi layiqli adama verməkdir. Siz yaramaz adamlarsınız, çörək sizə haramdır. Mən xəfiyyə deyiləm, maaş aldığım üçün sahibkarın mənfəətini gözləyirəm. Sizin səbəbinizə, İrandan bir parça çörək üçün Bakıya gələnlər də çölə atılacaqlar. Sizi Yaroslavl, İvanovo-Voznesenski fəhlələri kimi küçələrə atmasam, vətən avarası salmasam, bu ad mənə qənim olsun! Yaşadığımız yer İranın qonşuluğundadır. Bura ac, möhtac, mədəniyyətsiz Şərqin qapısıdır. Bu gün sifariş verərsən, bütün gününü bir girvənkə çörəyə satmaq istəyən minlərlə İran kəndlisi, qoyun sürüsü kimi Bakıya tökülər. Onlar nə iş saatı, nə maaş az-çoxluğu, nə zəhmət şəraiti anlayan adamlardır. Onlar gün çıxmamış işə gələr, gecə də işdən gedərlər. * * * Bazar günü idi. Fəhlələri istirahət günündə ulduzlar batmadan yuxudan qaldıran zavod fitlərinin səsi gəlmirdi. Günəşin qırmızı üzünə qara pərdələr çəkən tüstü görünmürdü. Yüksəkliklərə, mavi göylərə doğru boylanan bacalar Qaraşəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. Pavluşa, Əsgər və Ayrapet Məmmədi axtarıb tapdılar. Danışmaq üçün salamat bir yer axtarmağa başladılar. Hərəsi bir yer göstərirdi: birisi Bayıla getməyi, o birisi Keşlə tərəflərinə gedib dərələrin birində oturub danışmağı məsləhət görürdü. Axırda Pavluşa dedi: – Məndə bir az pul vardır, özüm də bir yaxşı yer bilirəm, ora gedə bilərik. Orada bizə heç kəs mane ola bilməz. Biz lazımı sözləri ancaq orada danışa bilərik. Ora meyxanadır, hər bir pullu adamın ora girməyə haqqı vardır. Orada danışılan bəzi zərərli sözlərə də «keflidir» deyə əhəmiyyət verən olmaz. Meyxananın bir xüsusiyyəti də budur ki, orada hər kəs danışır, bir-birini eşidən çox az olur. Buna görə də biz orada həm danışar, həm də eşidərik. Əziz yoldaşlar, hələlik fəhlələr üçün azad bir yer ancaq meyxanalardır; hər halda burada bir-iki saat otura bilərik. Ayrapet dedi: – Elədir ki, var! Gedək. Ancaq işin eybi burasındadır ki, nə mən, nə də Əsgər içənik. Mən vərəmliyəm, bir rumka içmək mənim ömrümdən bir il azaldır, Əsgər də ki, içməyi sevmir, qoy içməsin də. Sahibkarlar bəzən bizim kefli olmağımızdan da istifadə edirlər. Yoldaşlar, biz bacardıqca ayıq olmağa çalışmalıyıq! Pavluşa onun çiyninə vurub: – Elədir, Ayrapet, — dedi, — ancaq bağrım çatlayır. Əsəbiləşmişəm. Dünən Çelmanla dəyişəndən bəri qanım yaman qaralıb... Eybi nədir, siz içməsəniz də olar. Qabağınıza qoyulan piyalələri də götürüb sağlığınıza içərəm. Hamısı razı oldu. Məmməd dayanıb durdu. – Mən ki içəri girməyəcəyəm, — dedi, — Doğrudur, mən içməyəcəyəm, ancaq sən buna məştağalıları inandıra bilərsənmi? Dağılmışın yarısı molla, yarısı da seyiddir. Bir nəfər ağzıköyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilərəmmi? Bu sözləri Ayrapet də təsdiq etdi. Məmməd onlarla vidalaşıb getdi. Ayrapet, Pavluşa və Əsgər yolun sağ tərəfindəki meyxanaya yaxınlaşdıqda, oradan cürbəcür səslər eşidilirdi: – Eh! Cəhənnəmə, kora... – Yaşamaq və unutmamaq! – Murdar həyat! – Acından məhv olacağıq! – İt kökündəyik! – Həyat bundan ibarətdirsə, bir zibil deyil! – Mən sabah onun anasını ağladaram! – Adam hövsələdən çıxır. – Birisini də ver! Hələ dünyanı unutmamışam. – Yeməyə bir şey də yoxdur! Oxumaq səsləri də gəlirdi: «Ax bilmirəm bu gecə nə üçün xoş keçdi, İqbal, iqbal mənim iqbalım...» – Onunla ki, mübarizə mümkün deyildir. – Gözəl Nataşa, sən mənim sevgimdən də gözəlsən. Sənin ürəyində yer tutduğumu bilirəm. Lakin sənin ürəyindəkilərdən xəbərim yoxdur. Onlar hələ meyxanaya girmədən, Əsgər Pavluşaya tapşırdı: – Sərxoş olmamalıyıq ha! Pavluşa bu sözə qarşı dedi: – İçəri gir, yoldaş! Biz heç birimiz sərxoşluğu sevən deyilik. Biz sərxoş olsaydıq, müdir də, mexanik də bizdən razı qalardılar. Stol başında oturmaq ixtiyarını almaq üçün, dodaqlarımızı yaşlamalıyıq. Uzun bığlı qorodovoy meyxananın qapısında sağa-sola gəzişirdi. Onlar içəri girdilər, tanış adam çox idi; onları görən kimi bir ağızdan səsləndilər: – Ba, biz kimləri görürük?! – Gəlin, bir az dünyanı unudaq! – Qardaşlar, gəlin başları tazalayaq! – Eh, Pavluşa, içmək lazımdır!.. – Əsgər, mən ölüm bircə rumka!.. Onlar heç kəsin dəvətini qəbul etmədilər. Qışdan bəri yığışdırılmamış peçin dalında qoyulan dörd nəfərlik kiçik bir stolun ətrafında yerləşdilər. Pavluşa: – Bura daha yaxşıdır, — dedi. — O biri stollardan uzaqdır. Bizim üçün çox əlverişlidir. Nə qədər danışırsan, danış, səni heç kəs eşitməyəcək. Çox içmədilər. Pavluşa əlindəki şərabdan bir neçə damcı ağzına alıb qədəhi stolun üstünə qoydu, Əsgərə dedi: – Əsgər, bura yaxşı bax. Bu meyxana yuxarı təbəqə üçün deyil. Bura ailəsinin boğazından kəsdiyi on qəpiyini içmək istəyən biz fəhlələr üçündür. Görürsən ki, stolların üzü də bizim köynəyimizdən təmiz deyildir. Buradakıların da hamısı bir-birinə oxşayır. Hamının əynində göy bez köynək var. Kürəkləri də tərdən və hisdən qapqara qaralmışdır. Stolların dalında oturanlara yaxşı baxın, həmin stəkanları qamarlayan barmaqları da nəzərdən keçirin. O barmaqların hamısı bir-birinə oxşayan kələ-kötür barmaqlardır. Zavod və mədənlərin qara hisləri içərisində bəslənmiş dağınıq və müxtəlif rəngli saçlara da baxın. Dəri və damarlardan ibarət boyunlara da tamaşa edin. Onlar mühitin bütün ağırlığını öz üzərlərində daşıyır, əsrin bütün həqarətinə dözürlər. Burada oturanlar bizim yoldaşlarımızdırlar. Biz bir-birimizlə hələlik meyxanalarda görüşə bilərik, çünki bizi başqa yerə buraxmırlar. Əsgər bu sözləri çox diqqətlə dinləyirdi. Pavluşanın nə demək istədiyini hələ anlaya bilmirdi. Ayrapet Pavluşanı anlayırdı. O, öz xəstəliyinə baxmayaraq qabağındakı qədəhi boşaltdı, boşqabdakı qara çörək qırığını alıb iylədi, yenə boşqaba qoydu və dedi: – Pavluşa, mən onları çox yaxşı görürəm, sənin nə demək istədiyini də lazımınca anlayıram! Bu sözdən sonra, Pavluşanın gözləri canlandı, qabağındakı qədəhi bir daha dodaqlarına qaldırıb yerə qoydu. Alnına düşən bir dəstə sarı hisli saçını yuxarı atıb dedi: – İndi ki, sən məni anlayırsan, buradakıları tanıyırsan, onda bu adamları meyxanalara sürükləyən səbəbləri təyin etməli və onunla da mübarizə aparmalısan! Ayrapet onun sözünü kəsib: – Doğrudur, — dedi, — ancaq mübarizə yolları təyin edilmədikcə, kimin-kimə qarşı qoyulduğu aydın olmadıqca, o səbəblərlə mübarizə aparmaq barəsində danışmaq olmaz. Pavluşa bu sözlərlə razılaşmadı; – Onu biz özümüz müəyyən etməliyik, — dedi. — Mən sənə məsləhət görürəm ki, bu fikrini fəhlələrin arasında heç söyləmə. Əziz yoldaşım, kimin-kimə qarşı qoyulduğu çoxdan təyin edilmişdir. Sən dünənki ixtilafda kimin-kimə qarşı durduğunu görmədinmi? Sən o kiçik ixtilafda iki dünyanın baş-başa durduğunu gördüyün halda, yenə də kimin-kimə qarşı durduğunu təyin etmək istəyirsən? Ayrapet cavab vermək istədi, lakin vərəm öskürəyi ona danışmağa macal vermədi. Əsgər Pavluşaya belə bir sual verdi: – Tutaq ki, sən deyənlərin hamısı doğrudur. Ancaq bizim əlimizdən nə gəlir? Qaraşəhərdə bir ovuc adamıq, sən, mən, Ayrapet, Məmməd, Qəzər, beş nəfər də bizdən başqa... De görüm, biz bunlarla nə iş görə bilərik? Pavluşa əlini Əsgərin çiyninə vurub: – Afərin, Əsgər, — dedi, — söhbəti gətirib əsil məsələyə çıxartdıq. Mənim də dediyim budur ki, biz beş-on nəfərdən ibarət qalmayaq. Biz, fəhlələri başa salıb, onların düşüncəsini dəyişək, qorxaqlığı onların qanından təmizləyək, öz dəstəmizi gücləndirək. Hərgah Qaraşəhərdə on nəfər varsa, Ağşəhərdə, Balaxanıda, Sabunçuda, Bayılda, Bibiheybətdə olan fəhlələr içərisindən də özümüzə dostlar, həmfikirlər tapaq. Burada olduğu kimi oralarda da biz fikirdə olanlar var. Kim bilir, bəlkə orada elə yoldaşlar vardır ki, bizi öyrədəcək, bizə yol göstərə biləcəkdir... Həyatın quruluşundakı çətinliyi, istismarın son dərəcəyə çatdığını, zəhmət şəraitinin qabalığını, fəhlənin rütubətli zirzəmilərdəki fəryadını bizdən başqa da hiss edənlər vardır; onları tapmaq, tanış olmaq, dərdləşmək lazımdır. Mən istəyirəm ki, meyxanalarda öz dərdini şərab şüşələrinə deyən fəhlələr bundan sonra öz dərdlərini yoldaşlarına desinlər, öz dərdlərinə birlikdə dərman axtarsınlar. Fəhlələr öz sözlərini meyxanalarda oturub danışmaqdansa, ayıq və şüurlu bir surətdə sahibkarlara və müdirlərə desinlər. Sərxoş olmaq və bunun təsirində ürəyindəkiləri ortalığa tullamaq üsulu, mübarizə üsulu deyildir. Əsgər birdən ayağa qalxdı. Əllərini şalvarının qayışına salıb yuxarı qaldırdı, yenə yerində oturdu. Pavluşa sözünə davam etdi: – Biz, fəhlələri bir yerə yığmalıyıq, dərdimizi bir-birimizə başqa bir üsulla deməliyik. Biz fəhlələrin dilini və zehnini dəyişdirməyə çalışmalıyıq, onu sahibkara qarşı qoymalıyıq. İstismarı yüngülləşdirmək üçün beş-on nəfərin çıxışı kifayət deyil. Burada ümumi və kütləvi tələblər vermək lazımdır. Biz bakılılar çox dalda qalmışıq. Bu məsələlər, bizim qulağımızın dibində olan Tiflisdə hələ 90-cı illərin birinci yarısından başlanmışdır. Bizim nədən xəbərimiz vardır? Hərgah xəbərimiz varsa da, bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirik. Hələ 1893-cü ildən başlayaraq Tiflisdə «Kvali», «Moambe» adlı qəzetlər çıxır. Orada fəhlələr arasında açıqdan-açığa marksizm təbliğatı aparılır. Mübarizə yolunda lazım olacaq silahlar təyin edilmişdir. Məndə bir neçə gizli kitab vardır; istəsəniz, mən onları sizə oxuya da bilərəm. Onları oxumuş olsanız, onda görərsiniz ki, biz də burada iş görə bilərik, biz də fəhlənin fikrini bir mərkəzə yığa bilərik. Əsgər qalxıb əlini Pavluşanın çiyninə qoydu: – Mən bu sözləri səndən çoxdan gözləyirdim. Pavluşaya sanki yeni bir ruh verildi: – Mən də səndən bunu gözləyirdim. Bizim əsas işimiz yerli azərbaycanlı və iranlı fəhlələri başa salmaqdan ibarətdir. Çünki onlar rus və erməni fəhlələrinə nisbətən geridədirlər. Onları sahibkar çox tezliklə öz tərəfinə çəkə bilər. Onlar bilməyərək bəzən öz sinfini satır da. Bu söhbətlər əsnasında Mantaşev, Nobel və Rotşild fəhlələri də meyxanaya girdilər. Öpüşmək, görüşmək, içmək və oxumaq başlandı. Son qəpiklər stolların üstünə töküldü, meyxanaçı Nikonun gözləri işıqlandı. Dəmirçilərdən Belousov Pavluşanı səslədi: – Pavluşa, meyxanada ayıq oturmaq, kilsəyə sərxoş girməkdən də günahdır. Pavluşa gülərək dedi: – Meyxanaya ayıq gəlib, sərxoş çıxanlarla, kilsəyə ağıllı girib, axmaq çıxanların təfavütü nədir? Bu sözə qarşı, oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. Pavluşa yenə əsas məsələyə keçdi: – Mənim dediyim budur ki, bizi tək-tək çox tez döyə bilərlər. Sahibkarlar, ümumi ağızdan çıxan sözləri heç vaxt cavabsız qoya bilməz. Hər nə cür olur-olsun biz gərək yoldaşlarla tanış olaq. Ayrapetlə Əsgər birdən dedi: – Biz bu birliyi yarada bilsək, başqa yoldaşlarla tanış olmağı bacarsaq, daha nəyimiz əskik olar? Pavluşa soruşdu: – Siz bunu istəyirsinizmi? – Əlbəttə ki, istəyirik! Pavluşa: – Elə isə qalxın! — dedi. — Mən sizi bir yerə aparacağam, orada bir neçə yoldaşla tanış olacaqsınız. Bu saat onlar bizim yolumuzu gözləyirlər. Meyxanaçının pulunu verib qalxdılar. İclas çox da uzaqda deyildi. İclasdakılar Pavluşanı və onun yoldaşlarını böyük bir şadlıqla qarşıladılar. Hamısı Pavluşanın yoldaşları ilə tanış oldu. İclasda Ulyanov, Loriyanov, Konişfe, Mazilkin və başqaları iştirak edirdilər. Pavluşanın yoldaşları və iclasda olanların bir neçəsi bu iclasın nə iclas olduğunu və burada nə məsələ qoyulduğunu bilmirdi; kimin çıxışda bulunacağı da məlum deyildi. Pavluşa: – Yoldaşlar! Biz birinci kərədir ki, «yoldaşlar» sözünü ucadan deyə bilirik! Vəziyyət və fəhlələrin həyat şəraiti bizi birliyə dəvət edir. 1897-ci il bizim həyat tariximizdə ən ağır və çətin illərdən birisidir. Polşada, Rusiyada baş verən tətil, bunun nəticəsində vücuda gələn sürkünlər, güllələrbaranlar, Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. İşsizlik gündən-günə artır, mərkəzi Rusiyadan, Volqaboyundan gələn minlərlə fəhlələr qapı-qapı gəzib iş axtarır. Bu isə Bakı neft ağalarına maaşları azaltmaq, iş saatlarını artırmaq üçün bəhanə yaradır. Aclıqdan, işsizlikdən avara düşmüş fəhlələr hər bir ağır şəraitə, hər bir çəkilməz həqarətə boyun əyirlər. Burada oturanların hamısı yuxarıda göstərdiyim ağırlığı öz çiynində daşıyır, başqa yoldaşların vəziyyəti ilə də yaxından tanışdır. Yoldaşlar! Bu ağırlığı hiss etdiyimiz halda, zəhmət şəraiti insan qüvvəsinin daşıya bilməyəcəyi bir şərait olduğunu anladığımız halda, yenə də bir tərəfə şikayətə gedə bilmirik, çünki səsimiz ümumi səs deyildir, kütlə bir-birini tanımır, hətta onlar bir-birinə etibar da etmir, buna görə, burjuaziya da qurd kimi bizim hər birimizi bir bucaqda basıb dağıdır. Fəhlələr dərdini bir-birinə yetirə bilmirlər, çünki təşkilatsızdırlar, siyasi düşüncələri azdır. Fəhlələr bir-birləri ilə yalnız meyxanalarda danışa bilirlər. Onlar son qəpiklərini meyxanada xərcləyirlər, ehtiyac içərisində qalan ailələri isə cürbəcür səfalətə düşür. Yoldaşlar! Bu vəziyyətin nəticəsində də bizim oğlanlarımızdan kölələr, qızlarımızdan isə burjuy evlərinə xidmətçilər, fahişəxanalara fahişələr, canlı əmtəələr hazırlanır. Çelman kimi minlərlə xəfiyyə bizim təşkilatsızlığımızdan istifadə edir, öz dəyanətini yeridir. Biz gərək fəhlələr arasında birlik yaratmaq üçün Tiflisdəki yoldaşların getdiyi yol ilə gedək. Tiflisdə düzələn sosial-demokrat siyasi dərnəkləri indiyə qədər burada düzəlməmişdir. Halbuki burada da mərkəzi Rusiyadan sürgün edilmiş siyasi bilikli yoldaşlar vardır. Biz Tiflislə də əlaqə saxlaya bilərik. Oradan gizli ədəbiyyat gətirmək də mümkündür. Yoldaşlar, mən belə hesab edirəm ki, buraya toplanan yoldaşlar bizim təşkil edəcəyimiz dərnəyin birinci üzvləri hesab ediləcəklər. Biz bu gündən Tiflisə müraciət etməli, onlarla əlaqəyə girişməli, Bakıda birinci olaraq siyasi dərnəyin əsasını qoymalıyıq. Buna kim razıdır? İclasda olanların hamısı əlini qaldırdı. Sonra Əsgər iclasda olanların adını və familiyasını yazdı. * * * Gizli ədəbiyyat Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər. Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb: – Siz buradan itilib gedəcəksinizmi?! — deyə onları söydü. Saat onun yarısında yoldaşların gəldiyini uzaqdan görən kimi onlar tindən ayrıldılar. Qorodovoyun yanında bir yerə yığışmağı Pavluşa məsləhət görmədi. Hara getmək, kimlə danışmaq, ədəbiyyatı kimdən almaq məsələsini ancaq Pavluşa bilirdi. Əsgər soruşdu: – Pavluşa, biz bu gedişlə hara gedirik? – Biz buradan düz «Kaspi» mətbəəsinə getməliyik, Orada Kozerenko yoldaşı görəcəyik. – O, Tiflisdənmi gəlmişdir? – Yox! Biz ancaq onun vasitəsi ilə Tiflisdən gələn yoldaşlarla tanış ola biləcəyik. – Dördümüzün birlikdə ora getməyimiz bir şübhə oyatmazmı? – Əlbəttə, oyadar! Siz burada duracağsınız. Mən içəri girib yoldaşı görəcəyəm. O, məsləhət görsə, sizi də içəri çağıracağam. Bəlkə də ayrı bir yerdə görüşməli olacağıq. Pavluşa içəri girdi. Hələ iş otaqlarına girmədən onun qarşısına yoğun bığlı, şişman qarınlı, donbalan gözlü bir müsəlman çıxdı. Pavluşanı ayaqdan başa qədər gözdən keçirib soruşdu: – Sən kimi axtarırsan, qəşəng oğlan? Pavluşaya «qəşəng oğlan» sözü çox qəribə gəldi. O, bir neçə saniyə durub onun üzünə baxdı və: – Siz burada nəçisiniz? — deyə soruşdu. – Mən bu mətbəənin müdiriyəm. Hərgah iş istəyirsənsə, burada maşın təmizləmək üçün adam lazımdır. – Yox, mənə iş lazım deyil, ancaq zəhmət çəkib mənə deyiniz, Kozerenko burada çalışırmı? – Bəli, çalışır. – Hansı şöbədə? – Neft şöbəsində. – Onu görmək olarmı? – Xeyr! Onu ancaq saat dörddə görmək olar. Çünki neft və birja xəbərləri ancaq saat dörddən sonra gəlir. – Elə isə əfv ediniz, sizi rahatsız etdim. – Xeyr, xeyr, xoşdur; bu nə sözdür, qəşəng oğlan! Pavluşa çıxıb getmək istədikdə, müdir yenə onu səslədi: – Bəlkə də sən öz sözünü mənə deyə bilərsən. Mən axşam Kozerenko ilə danışaram. Səhər gələrsən, sənə cavabını deyərəm. – Çox razıyam, elə bir söz yoxdur. Yalnız onunla görüşmək istəyirdim. – Axır mənə de görüm, sən nə üçün burada işləmək istəmirsən? – Mənim öz işim var. Başqa iş lazım deyil. Pavluşa müdirin əlindən bir təhər qurtarıb küçəyə çıxdı. Kozerenkonun orada olmadığını yoldaşlarına söylədi. Bir qədər durub məsləhətləşdilər. Axırda Kozerenkonun evinə getmək qərarına gəldilər. Kozerenko evdə idi, lakin Pavluşa və yoldaşları Tiflisdən gələn adamlarla görüşə bilmədilər, onları polis təqib etdiyi üçün bir gün əvvəl Bakıdan getmişdilər. Buna baxmayaraq, Pavluşa və yoldaşları burada bir neçə adamla tanış ola bildilər. Onlar da Benkendorf zavodu mexaniklərindən Kuklayev, Mirzəbekyans tütün fabrikası fəhlələrindən Xatutaşvili, bir də Xaçu idi. Bu görüş Pavluşa və yoldaşları üçün böyük bir müvəffəqiyyət hesab olunurdu, çünki onlara siyasi dərnək işlərini irəli aparmaq üçün bilikli, təcrübəli, savadlı fəhlələr lazım idi. Onlar tanış olduqları adamlara öz fikirlərini söylədilər, vəziyyət haqqında uzun-uzadı söhbət etdikdən sonra bir neçə gizli ədəbiyyat götürüb bayıra çıxdılar. Pavluşa fikirli halda dedi: – Hara gedək? Harada oxuyaq? Siz bilirsiniz ki, mənim mənzilimdə bir iş görmək mümkün deyildir, çünki mənzil yoldaşım Vasya ağzında söz saxlayan adam deyil, min manat verib gizlin bir söz alsa onu yeri gəlirkən üç qəpiyə, özü də nəqd pula yox, nisyəyə satar. Əsgər dedi. – Mənim də mənzilimdə olmaz. Hər dəqiqə əlli adam başını qapıdan içəri uzadır. Ayrapet: – Biz bir yerə gedə bilərdik, — dedi, — ancaq ora qorxuludur. Həftənin üçü, dördü polislər girib axtarış aparırlar, çünki həyətdə daşnaklar vardır. Onların səbəbinə bizim evlərimiz də axtarılır. Məmməd gözlərini qıyıb baxdı, barmağını burnunun ucuna vurub düşünürdü. Xeyli düşündükdən sonra dedi: – Mən sizin necə yer axtardığınızı bilirəm. Sizə elə bir yer lazımdır ki, kitab oxuyasınız. Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. Belə bir yer isə şəhərdə mümkün deyil, küçənin qənbərləri də, damların daşları, kərpicləri də, pəncərələri də jandarm gözünə oxşayır. Biz indi elə bir adamıq ki, öz köynəyimizin yaxasındakı düymələr də bir şeytan gözünə dönüb üzümüzə baxır. Sizi bir yaxşı yerə aparacağam, orada biz rahatca oxuyub mübahisə açarıq. Bəzi yoldaşlarla da tanış olarıq. Pavluşa ona sual verdi: – Yoxsa yenə də sən bizi Maştağaya qonaq aparacaqsan? – Yox, Pavluşa, Maştağaya aparmayacağam, ora getsək sabah işə qayıda bilmərik. – Bəs hara? – Sizi düz aparacağam Sabunçuya. Orada Sergey Vasiliç adlı yaxşı bir tanışım vardır. Qoca fəhlədir, fikri də Pavluşanın fikrinə oxşayır; evi çox xəlvətdir. Sizi onunla tanış edərəm. Onun bir çox tanışları vardır, özləri də Pavluşada olan kağızlardan oxuyan adamlardır. Məmmədin təklifini qəbul etdilər. Ancaq, Sabunçuya gedib-qayıtmaq üçün pulları çatmırdı. Belə qərara gəldilər ki, ya Məmmədlə Pavluşa piyada qayıdar, ya da Sabunçuda tanışlardan borc alıb gələrlər. * * * Telefonnı küçədə konka gözləyənlərin sayı hər günkündən çox idi. Növbə gözləyənlər getdikcə artırdı, buna da səbəb konkaların çox keç-keç gəlməsi idi. Növbədə duranlar müxtəlif təbəqə və siniflərə mənsub adamlardı. Topa-topa durub söhbət edirdilər. Ağ yaxası olduqca çirklənmiş, həsir papağının yanları sökülmüş və söhbətindən şəhər dumasında çalışdığı məlum olan bir qoca rus qara çuxalı, qısa mahud papaqlı, həddindən artıq iri qarınlı bir azərbaycanlı ilə danışırdı. O, cibindən bir qutu çıxarıb bir az burunotu çəkdi, başını yana uzadıb dörd-beş kərə asqırdı, azərbaycanlıya dedi: – İndi yerlərində otururlar! Mən bunu özümdən demirəm. Bunu şəhər qlavasının öz ağzından eşitdim. Mərkəzi Rusiyada və Polşada o ki lazımdır, fəhlələrin qulaqlarını burublar. Daha burada qımıldanmağa qoymazlar. Azərbaycanlı çubuğunu alışdırıb, başını rusun burnunun dibinə uzadaraq soruşdu: – Bu barədə «Kəspi» də bir şey var, ya yox? – Sizə söz deyirəm. Qlavanın dilindən eşitdiyim sözü deyirəm. Tətilçilərdən bir çoxu öldürülüb, 800 nəfər də sürgün olunmuşdur. Azərbaycanlı bu sözləri eşitdikdən sonra dedi: – Mən gərək o haramzada çopur Qədirə tapşıram ki, mənim üçün hər gün «Kəspi»ni oxusun. Hərçənd beş qəpik də az pul deyil, amma adam belə-belə xəbərləri oxuyub öyrənər. Dünən itin birisi atıla-atıla gəlib ki: «Xozeyn, mənim maaşım bir ildir ki, bir yerdə durubdur». Elə bil maaşın təkəri var, ya da uzunqulaqdır ki, gündə yerisin. Rus eynəyini silə-silə dedi: – Elə hallarda çağır ver, pristavın əlinə, tövbə eləsin, bir də «Maaşım bir yerdə durubdur» deməsin. Başqa bir rus çinovniki bir erməni tacirindən soruşdu: – İvanovo-Voznesenskdə iki min nəfərlik fəhlə dəstəsinin güllələbaran edilməsini eşitdinmi? – Xeyr, eşitmədim. Doğrudan da belə bir hadisənin əsli vardırmı? – Əlbəttə var. Oğlum Peterburqda oxuyur. Yazdığı məktub da yanımdadır. Başqa cür söhbətlər də eşidilirdi: – İkisi də adlı çeyildir. Birisi həmşəri balasıdır, adı Kərimdir, o birisi də bəkili balasıdır, Aşurbəyovlardandır. Bu gün onlar atışacaqlar. Allah yaman gözdən saxlasın, gözəl çeyildirlər! Düşmən gözünün neştəridirlər. – Kim bilir, bəlkə də atışma konka yanında başlandığı üçün konduktor atları qoyub qaçıbdır. – Amma əmioğluya bunu da deyim ki, Teymurbəyin atışmasından da keçmə! Hacı Heybətin qəbrinə and olsun, elə ki, pençəyinin qolunu çıxarıb, keçdi dalana, elə bil ki, pençəyin dalısından yağış yağdı. Gülləni elə atırdı... – Konka yenə də yoldan çıxıbdır. Heç inanmıram ki, qaldıra bilsinlər. – At deyillər ki, cənazədirlər! Yaralı-yaralı, elə qoxuyurlar ki, elə bil Poxludərə məhəlləsindən keçirsən. – Bakıda hər şey düzəlsə də, konka məsələsi düzəlməzdir. Şəhər duması üzvləri özləri üçün gəlir yeri tapıblar. – Adam ağzına görə söz danışar! – Xalasının əri şəhər dumasının üzvüdür... – Olanda nə olar? Adamın qollarını daldan bağlaya bilməz ki! – Bağlayıb adamın canını da alarlar! – Ada, keçin bu tərəfə bir danasını — ötürüm onun qarnına... – Qorodovoy! Qorodovoy! Qamçı səsi eşidildi. Konkanın yaxınlaşdığı hiss edilincə, növbəyə duranlar sıralarını düzəltdilər, sevindilər. Nəhayət, atlar uzaqdan göründü. Söhbətlər başqa bir şəkil aldı. – Üstümə sürtüşmə, xaçsız şeytan! – Şeytan ölənlərindir! – Mənfur amşara! – Ağzını o tərəfə tut, itin birisi! – Rədd ol buradan, İsanı dar ağacına çəkənlər! – Tərbiyəli olun! Mən ki sizə əziyyət vermirəm? – Verə də bilməzsən! – Duzlanmış haramzada! – Bir dana qoyaram qulağının dibinə, haramzada sənin özünsən! Dilini dişlərinin dalında saxla, mən sənin üçün həmşəri-zad deyiləm! – Qorodovoy, qorodovoy! Konka gəlib yetişdi. Adamlar milçək ciyərə daraşan kimi konkanın cəmdəyinə daraşdılar. Sağdan, soldan, daldan, qabaqdan sıçrayıb, konkadan düşənlər də var idi. Konka şirkətinin üzvü Hacı Salman yenə də adəti üzrə konduktora nəzarət etmək və onun öz qohumlarını pulsuz mindirməsinə mane olmaq üçün konkanın yanı ilə piyada gedirdi, atlar çəkməyəndə də çiynini konkaya söykəyib kömək edirdi. O, xalqın normadan artıq mindiyini görüncə, çuxasının ətəklərini yığışdırıb yüyürür, konkaya minən kəndlilərin ətəyindən, qılçasından, bəzisinin isə qulağından tutub yerə salırdı. Maştağa kəndlilərindən birisi konkaya qalxarkən Hacı Salman onun ətəyindən tutub yerə atmaq istədi. Kəndli təpiklə Hacı Salmanın döşündən vurub daş döşəmənin üstünə yıxdı. Hacı Salmanın çubuğu bir tərəfə, börkü bir tərəfə, özü də başqa bir tərəfə düşmüşdü. O, yerdən qalxa-qalxa bağırırdı: – Düşün aşağı həyasız oğlanları! Sabahdan başlayıb Bakını mədəniyyətsiz qoyacağam! Konkaları söküb atacağam, atları da güllələyəcəyəm! Biz, Bakı varlıları, sizin kimi vəhşilər üçün mədəniyyət yaradırıq, siz heyvanlar, bu heyvanların qeydinə qalmırsınız. Gündə bir neçə atımız yıxılıb ölür. İstəmirəm sizin beş köpük manatınızı! Düşün aşağı! Arpa, saman şəhərdə ceyran belinə çıxıbdır. At almaqdan, yonca, saman almaqdan mənim... tumanım qalmamışdır. Gündə mənim payıma on beş manat zərər düşür. Hələ yarım saat bundan əvvəl tərlan kimi bir atım yıxılıb öldü. Düşün aşağı! Yoxsa bu gün Bakını xaraba qoyaram! Bu sözlərə əhəmiyyət verən yox idi, çünki onun bu kimi çıxışları birinci kərə deyildi. Camaat bu sözləri hər gün eşidirdi. Hacı Salmanın börkünü silib başına qoydular. Lakin, çubuğunun başı sınmışdı. O, hələ də konka sürəni söyürdü. – Ada, Mazan! Dədən balıqçı Qurbanı qəbirdən çıxarıb yandıraram, sürmə konkanı! Sənə demirəm sürmə?! Haramzada köpək oğlu, bu gün ölən atın pulunu sənin baluşgəndən çıxmasam, getdiyim Məkkə mənə qənim olsun! Hacı Salman konkaya dırmandı. Konka sürən Mazanı döymək istədikdə çuxası ayaqlarına dolaşıb yerə yıxıldı. Mazan konkanı saxlamadı, atları daha da bərk sürdü. Hacı Salman ayağa qalxıb çığırırdı: – Sürmə, köpək oğlu! Saxla!.. Konkaçı konkanı dayandırdı, qamçını konkanın içinə atıb dedi: – Gəl özün sür. Tüpürüm sizə də, sizin konkanıza da! Konkadakılar çığırışmağa başladılar: – Bu nə rüsvayçılıqdır?! – Şəhər duması buna nə vaxt nəhayət verəcəkdir? – Bakı milyonçuları kişi olsaydı, Bakıda tramvay işləməzdimi? – Bütün bu işlər şəhər dumasının işi deyilmi? Bir qəpik qiyməti olmayan adamların əllisi yığışıb konka şirkəti düzəldəndə belə olar!... – Şəhər dumasının özü də bu fırıldaqçılığa şərik deyilmi? Hacı Salman konka sürənin getdiyini görüb, çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı. Konka getdi. Pavluşa öz yoldaşları ilə bərabər bir tərəfdə durub ətrafı gözdən keçirir, Sabunçuya getmək və ədəbiyyatı oxumaq üçün tələsirdi. Onların qulağına boğazı ağlamaqdan tutulmuş bir qızın kədərli səsi gəldi: – Qəbul etmədilər! Bu səs Pavluşanın və yoldaşlarının ürəyinə bir xəncər kimi batdı. Dönüb səs gələn tərəfə baxdılar. İyirmi yaşlarında bir qızın ağladığını gördülər. Qız ucaboylu, sağlam vücudlu, sarı saçlı bir rus qızı idi. Qız həyəcanlı bir səslə sözlərini bir daha təkrar etdi: – Qəbul etmədilər! Ətrafda duranlar buna heç də əhəmiyyət vermirdilər, çünki bu kimi hadisələr Bakı küçələrində birinci dəfə olmurdu. Milyonçular Bakısında acından, yersizlikdən təhqir olunanlara, ağlayanlara gündə bir neçə kərə rast gəlmək olardı. Qızın yanında qoca bir rus fəhləsi durmuşdu. Onun qırışmış alnının dərin cizgiləri Bakı fəhlələri həyatının uzun bir dövrünü ifadə edirdi. Dəri ilə damarlardan ibarət olan kələ-kötür əlləri onun ağır bir istismar pəncəsində boğulduğunu, fəhlə həyatının ən çətin yollarından keçib, gənc ikən qocaldığını, paltarındakı şabalıt rəngli ləkələr isə onun mazut fəhləsi olduğunu göstərirdi. Qoca fəhlə qıza yanaşdı, saçlarını sığallayaraq: – Jeniçka, ağıllı qızım, özünü ələ al, — dedi. — Bu hadisə çox da təəccüb ediləcək bir hadisə deyildir. Biz əvvəldən bunu bilirdik. Bu səs Məmmədə tanış gəldi. O, qoca fəhləyə diqqətlə baxdı, tanıdı. O, Sergey Vasiliç, yanındakı da qızı Jenya idi. – Biz səni harada görmək istəyirik, harada əlimizə düşdün. Bu saat biz sizə getmək istəyirdik. Məmməd Sergey Vasiliçlə Jenyanın əlini sıxdı, Pavluşanı və başqa yoldaşlarını çağırıb onlarla tanış elədi. Sergey Vasiliç bu təsadüfdən olduqca razı qaldı. Birlikdə Sabunçuya getmək qərarına gəldilər. Sergey Vasiliç yenə də qızı Jenyaya dedi: – Qızım, sən özün deyirdin ki, məni gimnaziyaya qəbul etməzlər; sən deyən kimi də oldu, çünki sən və sənin kimi başqaları da gimnaziya xalqına yabançıdırlar. Sənin atan da, familyan da, geydiyin paltarlar da, mənsub olduğun sinif də, düşüncə və fikrin də oradakılara yabançıdır. Biz gimnaziyada toplanmış «yüksək» cəmiyyət üçün bir həqarət vasitəsiyik. Bizi oraya buraxmaq — oradakıları təhqir etmək deməkdir. Əlbəttə, hazırkı hökumət oradakı aristokratiyanın təhqir olunmasına razı olmaz. Qoca fəhlə bu sözləri qızına söylədiyi zaman gülümsədi. Bu gülüş məhrumiyyət qarşısında əyilməyə məcbur olan bir fəhlənin intiqam hissini oxuyan bir gülüş idi. Məmmədin rəngi ağarmışdı. Qıza çox yazığı gəlirdi. – Jenya bacı, — dedi. — səbir elə. Bu işlər adi işdir, gündə gördüyümüz, gündə eşitdiyimiz işlərdəndir. Bizim qulağımız bu cür sözlərə öyrənmişdir. Jenya danışmırdı. Onun aldığı vəziyyət — ağlamasını güclə saxladığını göstərirdi. Qeyri-təbii və sürətlə nəfəs alması və göz bəbəklərinin yaş içində tərpənməsi, dilini çıxarıb qurumuş dodaqlarını islatması onun nə qədər həyəcanlı olduğunu bildirirdi. Bir az sonra o, başının tüklərini düzəldərək dedi: – Qoy qəbul etməsinlər! Pavluşa gözünü qızdan ayırmırdı. Qızın paltarı qiymətli parçadan olmasa da, təmiz idi, səliqəli idi. Bütün varlığı mədəni, tərbiyəli, ağıllı bir qız olduğunu göstərirdi. Qız Məmmədə və onun yoldaşlarına dedi: – Bağışlayın, təbii halımdan çıxmışdım... Sizinlə nə cür tanış olduğumu da hiss edə bilmədim. Pavluşa: – Nə etməliyik, — dedi, — quruluş belədir. Bu cür hadisələri çox da ürəyinə salma. Yaşamaq və bu vəziyyətdən çıxmaq üçün mübarizə aparmaq lazımdır. Bu söz Jenyanın qulağında başqa bir ahənglə cingildədi; sanki ona bir şadlıq xəbəri verildi, gözləri güldü. O, Pavluşanın əlini səmimiyyətlə sıxdı. Konka gəldi, eyni vəziyyət yenə də təzələndi. Pavluşagilə konkada oturmağa yer yoxdu. Konkadakılar Sergey Vasiliçi yerə salmaq istəyirdilər. – Burada oturmaq olmaz! Xalqın rahatlığını pozma. Utanmırsan, o paltarla gəlib camaat içərisinə də girirsən?! Cındırlı, çirkli fəhlənin birisi, rədd ol! Cəhənnəm ol! Bu sözlər yalnız bir nəfərin ağzından çıxmırdı. Onu yerə salmaq üçün bir başqası bağıra-bağıra qorodovoy çağırdı. Qorodovoy gəlincə konka hərəkət etdi. Konkada oturan ağ yaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı. Jenya atasının camaat içərisində təhqir edilməsinə qarşı nə edəcəyini bilmirdi. Pavluşa işə qarışmaq istədisə də, Ayrapet onu göz işarəsi ilə sakit elədi. Qarışıqlıq olar, bir hadisə baş verə bilərdi, onlar polis idarəsinə aparılardı, yanlarındakı gizli ədəbiyyat polisin əlinə düşə bilərdi. Pavluşa Sergey Vasiliçi çağırıb öz yanında yerləşdirdi, lakin çinovnik sakit olmaq istəmirdi: – Bu heyvanları tərbiyə etmək mümkün olmayacaqdır... Sergey Vasiliç qızının darıxdığını görüb soyuqqanlılıqla dedi: – Qızım, rahatsız olma! Belə şeylər çox olur. Hərgah mənim libasım cındır, çirkli isə, məni təhqir edən bu ağanın vicdan və şəxsiyyəti daha murdar və çirklidir. Bu sözə qarşı rus çinovniki qalxıb Sergey Vasiliçi vurmaq istədi. Əsgər onun qolundan tutub burdu və yerində oturmağa məcbur etdi. – Otur yerində, qoca köpək! On dəqiqədən bəri qoxumuş ağzından olmazın zibilini tökürsən, o heç səni vurmur! Vallah elə vuraram ki, ağzında bir dişin də qalmaz! Çinovnik var gücü ilə qışqırdı: – Qorodovoy! Çağırış nəticəsiz qaldı. Konka durduğu zaman sərpişinlərin konkaya olan hücumu Sergey Vasiliç və başqalarının konkadan düşüb getməsinə imkan verdi. Onlar pilləkənlərdən qalxıb vağzala gedincəyə qədər çinovnikin səsi eşidilirdi. – Heyvanlar! Alçaqlar! Aziatlar! Həmşərilər! Haramzadalar! Ədəbsiz fəhlələr!.. * * * Balaxanı-Sabunçu dairəsindəki dəmiryol qatarı yenə də adəti üzrə yubanmışdı, bir neçə saat durub onu gözləmək lazım gəlirdi. Jandarmlar tez-tez o tərəf-bu tərəfə gedib camaatı yoxlarkən, Pavluşada bir həyəcan əmələ gəlirdi. O, jandarmların ona göz qoyduğunu, vaqona minərkən axtarılacağını düşünüb rahatsız olurdu. Sergey Vasiliç bir parça kağızı lülələdi və içinə maxorka doldurub yandırdı, dərin bir qullab vurub tüstünü ağır havalı stansiyanın kirli tavanına tərəf üfürdü. Sonra əlini Pavluşanın çiyninə vuraraq: – İndilik bu dünyada bizdən də murdar şey yoxdur, — dedi, — Əgər varsa da, mənsəb sahiblərinin təbirinə görə, biz fəhlələrik. Hərgah bir köpək, köpəklərin ən iyrənçi, qoturu, bu gün biz rast gəldiyimiz rus aristokratına rast gəlmiş olsaydı, şübhəsiz ki, aristokratın ona yazığı gələrdi. Mən bu sözü sizə ondan ötrü deyirəm ki, siz bunları yadınızda saxlayasınız, öz işinizdə möhkəm durasınız, bu kimi hadisələri xatırlamaqla, çar köpəkləri ilə olan mübarizədə möhkəm çalışasınız! Onların hamısı sakitcə durub düşünürdü. Axırda səssizliyi yenə Sergey Vasiliç pozdu: – İşlər belədir, yoldaşlar! — dedi. — Murdarlıq adını üstümüzdən götürmək üçün uzun və qanlı mübarizə lazımdır. Heyif ki, qocalmışam... Mübarizə apardığımız qüvvətlər zorbadır. Bizim idraksızlığımız, təşkilatsızlığımız da düşmənlərimizə yardım verir. Kütlələri ayıltmaq, təşkil etmək — bizim düşmənə qarşı işlədəcəyimiz silahın itiləşməsi deməkdir. Pavluşa yavaşcadan: – Eybi yoxdur, — dedi, — sizə gedirik, orada danışarıq. Qatar gəldi, sərnişinlər vaqondan düşüb qurtarmamış, gözləməkdə olanlar sınıq və şüşəsiz pəncərələrdən içəri doluşmağa başladılar. Pavluşa ilə Əsgər də çıxıb bir necə yer tutdular. Hamısı yerləşdi. Jenya danışmırdı. Əllərini dizləri üstünə qoyub gözlərini əllərinə dikmişdi. Alnındakı damarların qabarıqlığı, sinəsinin yatıb qalxması, həyəcanlı olduğunu göstərirdi. Sergey Vasiliç əlləri ilə onun saçlarını tumarlayıb dedi: – Fəhlədir, mübarizəni sevir, düşüncəsi sağlamdır. O, bizimlə əqidə yoldaşıdır. Məni sevindirən də budur! Oxumağı sevir, oxuduqlarını anlayır, taleyimdən olduqca razıyam, çünki qızım da mən düşündüyüm kimi düşünür. Ətrafda maraqlı söhbətlər gedirdi: – Padşahın Hacıya bir aləm borcu vardır. – Doğrudur, kişi yarım padşahdır. – Hacı Hacağa ondan varlıdır. Bir camış dərisi qızılı var. – Adam kimi dolansaydı, o dövləti yığa bilməzdi. Xəsisin biridir! – Sən anlamırsan, eşşəyin birisi. Nəsrəddin şah Hacıya kağız göndərir. – Elədir! Hacı yuxuda qırmızıgöz Murtəza Əlini görüb. Həzrət Əlinin özü Hacıya bir qızıl əta buyurmuşdur. Hacı yuxudan diksinərək qalxıb görüb ki, əlində bir şey vardır. O saatda lampanı yandırıb, baxıb görüb ki, əlindəki pul cənab Əlinin verdiyi qızıl puldur. Pulun bir tərəfində «Zərb filbəldətül Kufə», o biri tərəfində isə «Əmirəlmöminin Əliyyən vəliyullah» sözləri yazılmış imiş. Bu sözləri eşidən bir neçə adam qarma-qarışıq bir səslə ucadan dedi: «Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd». – Hacı həmin qızılı salıbdır öz xəzinəsinə, indi dövləti başlayıb daşmağa, ha xərcləsin, qurtarmayacaq ki!.. Hey götürür, yenə axşam gəlib görür ki, sandıq doludur. Dananmarux ki, ağa, möcüzdür... – Doğrudur! Nənəm rəhmətlik həmişə Hacının evinə çörək bişirməyə gedərdi. Günlərin birində, Hacının ölən arvadı mətbəxə gəlib deyir ki: «Ay qız, durun hamınız dəstəmaz alın, hər kəs də murdardır qüsl eləsin, sizə, həzrət Əlinin yuxuda Hacıya verdiyi qızılı göstərəcəyəm». Rəhmətlik nənəm deyərdi ki, Hacının arvadı ipək kisədən qızılı çıxardanda elə bil ki, mətbəxə gün düşdü. Qarşıda oturanlardan birisi bu sözləri eşidib bərk ağlamağa başladı: – Hacı Heybətqulunun bu qoca canı sənin mübarək adına qurban olsun, ey qırmızıgöz ağa! Yan tərəfdə də iki nəfər danışırdı. Söhbət din, məzhəb və təriqət haqqında idi. – Bu gecə ruhumuz ləzzət apardı. Molla Hadı elmin dəryasıdır! Molla Əli ilə mübahisə açdılar. Usta Xeyrullanın ölüsünün üstünə getmişdik. Məclisdən sonra Molla Hadı aralığa çox qəribə bir məsələ atdı və molla Əliyə belə bir sual verdi: «De görüm, imamın nəcisi pakdır ya yox?» Sizin başınız üçün molla Əli bilmədi ki, necə cavab versin. Quruyub qaldı. Molla Hadı gülüb dedi: «Molla Əli, heç fikirləşmə, İmamın nəcisi olmaz! İmamın yediyi tər olub bədənindən xaric olar!». Yenə bir neçə adam ucadan salavat çəkdi. Məmməd Ayrapetə dedi: – Bu xalqı nə zaman düzəltmək mümkün olacaq? Söhbətlər davam edirdi: – Kişi deyəndə Mantaşevdir! – Hamısı bir zibildir. – Bu gecə Mantaşevin trubasını deşiblər, səhərə kimi neft axıb gedib. – Kimin işidir? – Bəşirbəyin adamlarının... – Hacı həzrət Abbas ilə şərikdir. – Odur ki, allah da başından tökür. – Həzrət Abbas da fəhlələrin qanını sorurmuş! – Əstəğfürullah de! – Buxara əmirinin qızını oğluna alıbdır. – Böyük oğlu da Nəsrəddin şahın əmisi qızına evlənibdir. – Elədir. Ortancıl oğluna da Dağıstan şahzadələrindən birisini almışdır. – Qoçu Ağakərim gülləni elə atıb ki, düz peysərindən dəyib, alnından çıxıb. – Teymurbəy hərif deyil. – Bəs Bəşirbəyə nə deyirsən? – Sən öləsən, sabunçuluların arxasıdır. – Ada, kamançanı çal görüm! – Bəsdir, qoyun oturaq! – İvana kamança xoş gəlmir. Ona qarmoşka lazımdır. – Ada, «Gülüstanda sənə bənzər gül olmaz» havasını çal! – Çal, qorxma, durub bir dana da İvan o biri tərəfindən çıxardaram! – İşini sudyadan necə qurtardın? – Bir palazqulaq yüzlük ona, bir palazqulaq yüzlük də pristavın ovcuna basdıq, qurtardı. – İran konsulu bəs nə dedi? – İyirmi beş manat da ona verdik. Mirzə Həbibxan öz adamımızdır. – Əlbəttə ki... dörd nəfər həmşəri quyuda ölməklə dünya dağılmayacaq ki?! Qatar bu kimi söhbətlərlə Sabunçu stansiyasına yanaşdı. Pavluşa və yoldaşları vaqondan düşdülər. Tək-tək və ayrı-ayrı yollarla Sergey Vasiliçin evinə getdilər. Onlar Sabunçuya çatarkən, qaranlıq qara qanadlarını buruq meşələri üstünə açırdı. Paltarları, sifətləri, əllərindəki çantaları mazut rənginə boyanmış fəhlələr yorğun addımlarla işdən qayıdırdılar. Ara-sıra Sergey Vasiliçə salam verib keçən fəhlələrin səsi ağır xəstəlikdən yenicə durmuş adamların səsinə oxşayırdı. Zavod düdükləri iş növbələrinin dəyişdiyini xəbər verirdi. Kükürdlü su axan palçıqlı küçələrdə səslənən ayaqların ahəngi, topladığı qüvvəsini istismarın sərəncamına vermək üçün növbədə gedən məhrumiyyət ordusunun marşı kimi səslənirdi. Son qüvvəsini satıb gələnlər, qüvvəsini bir qarın çörəyə satmaq üçün gedənlərlə salamlaşıb keçirdilər. Alçaq daxmalardan görünən sısqa işıqlar, qırıq şüşəli pəncərələrdə saralıb sönən gözləri xatırladan beşlik lampalar, mazut gölməçəli sınıq hasarlar, qara, hisli divarlar, qapıların qarşısında durub ailə başçısını gözləyən qadınlar, bir dəri, bir sümükdən ibarət olan arıq, sısqa fəhlə uşaqları gözə çarpdıqca mübarizənin nə üçün başlandığını çox asan bir surətdə təsəvvür etmək olardı. Buruqlar və zavodların trubaları nə qədər uca idisə, onların kölgəsində çalışan fəhlələrin yaşadığı evlər bir o qədər alçaqdı. Qəbirə bənzəyən evlərdən çıxıb dartay çarxı yanına tələsə-tələsə gedənləri, dartaydan qayıdıb yenə qəbirə oxşayan daxmalara girənləri seyr etdikdən sonra Pavluşa öz yoldaşları ilə Sergey Vasiliçin qapısında dayandı. Məmməd Pavluşaya və Əsgərə dedi: – Bu qapı, 18 yaşından 58 yaşına qədər bütün varlığını neft burjuaziyasının istismarına həsr edən bir fəhlənin qapısıdır. Bu ev və bu evdə yaşayan ailənin vəziyyəti hər bir fəhlənin gələcəyini göstərən bir güzgüdür. İş belə gedərsə, biz də burada yaşamalı olacağıq, biz də bu mazut gölməçələri içərisində məhv olub gedəcəyik! Qapı açıldı. Pavluşa ilə yoldaşları, ətrafına köhnə dəmir vərəqələri ilə hasar çəkilmiş kiçik bir həyətə girdilər. Həyətdə iki-üç günəbaxan gözə çarpırdı. Onların yarpaqları Sabunçu mühitində saralıb solan, yarım ac fəhlə balalarının üzləri kimi sarı idi. Bir tərəfdə nazik çör-çöpdən düzülmüş bir toyuq hini də nəzərə çarpırdı ki, burada qırxillik bir fəhlə zəhmətinin vücuda gətirdiyi təsərrüfat yerləşirdi. Sergey Vasiliçin arvadı Anna mədən müdirlərinin evində paltar yumaqdan yenicə gəlmiş və samovarı hazırlamağa başlamışdı. Pavluşanın yoldaşları ilə içəri girməsi, ailədə olan pərişanlığı müvəqqəti olaraq dağıtdı. Ana, qızının gimnaziyaya götürülməməsi xəbərindən aldığı kədərləri də qısmən unutdu. Jenya samovarı gətirib üstünə kiçik, köhnə bir muşamba salınmış stolun üstünə qoydu. Stəkan üç idi, növbətlə içmək lazım gəlirdi. Oturmaq üçün taxta kürsülər də yoxdu. Pavluşa əlini qoltuq cibinə atıb ədəbiyyatı çıxarmaq istədikdə, Jenyanın və Sergey Vasiliçin üzünə baxdı. Bu baxış Jenyaya qarşı bir etimadsızlıq demək idi. Buna görə də Sergey Vasiliç dedi: – Arxayın olun! Gizlin ədəbiyyat maraqlılarındandır. Pavluşa ədəbiyyatı çıxartdı: – «Kim nə ilə yaşayır?» kitabıdır. Müəllifi Dikşteyndir, — dedi. Əsər oxunub qurtardıqdan sonra, Sergey Vasiliç yoldaşlarına dedi: – Balaxanı — Sabunçu dairəsində inqilabçı fəhlələr çoxdur. Mən arzu edərdim ki, onları da bura dəvət edəydik. Onlar həm ədəbiyyatla, həm də sizinlə tanış olardılar. Buna hamı razılıq verdi, Sergey Vasiliç qızı Jenyaya dedi: – Get bu saatda Mantaşevdən Zərkərovu, Nobeldən Andreyi, «Molot»dan Brakini... uzaq getməkdən qorxmazsansa, Qüdrəti və Nəsiri də çağır gətir! Jenya getdi. Sergey Vasiliç isə öz yaşayışı haqqında sözə başladı: – Bizim qüvvəmiz hazırda gözə çarpan bir qüvvə deyildir, lakin çox çəkməz ki, bizi möhkəm bir cəmiyyət kimi tanıyarlar. Sizin dördünüz də gəncsiniz, hələ ağır istismarın altında qocalmamışsınız, buna görə də mübarizədən yorulmazsınız, ciddi çalışarsınız. Mən 1867-ci ildən Bakıdayam. Çox sağlam və qüvvətli bir gənc idim. O zamanlar maşın yox idi. Nefti dərin quyulardan əl ilə çəkib çıxarmaq lazım gəlirdi. Yerli neft sahibləri fəhlə götürdükdə, onu quyunun başına aparıb imtahan edirdilər; hərgah o, on saat müddətində ağır vedrələri dayanmadan quyudan çəkə bilirsə, işə götürürdülər. Mən Bakıya gələndən iki il sonra burada əcnəbi burjuaziya meydana gəlməyə başladı, nefti də bu günkü üsul ilə çəkməyə başladılar. Əvvəlcə neft sahibləri hər zaman istərsə maaş verər, istəməzsə verməzdi. Bəzən altı ay pul verməzdilər, ancaq quru çörəyi müəyyən bir dükandan alardıq. Bu qanuna yerli fəhlələr razı olmurdular. Sahibkarlarla tez-tez toqquşma olurdu. Odur ki, sahibkarlar yerli fəhlələrdən boyun qaçıraraq, onların yerinə iranlı və rus fəhlələrini qəbul edərdilər. Hazırda rus və iranlı fəhlələrinin çoxluğu da haman məsələnin nəticəsidir. Rus və iranlı fəhlələr sahibkara tabe olmağa məcbur idilər, ac qalsalar da dinməzdilər, işdən qovulmaqdan qorxardılar. Yerliləri işdən çıxmaq qorxutmazdı, gedib öz təsərrüfatlarında çalışardılar. Maaş üstündə ixtilaf çıxaran iranlı fəhləsini quyuda öldürmək də mümkün idi, çünki onu itirib-axtaran olmazdı. Lakin yerli fəhlələrdən quyuda öldürüləndə onun qohum-qardaşı ixtilaf çıxarırdı. Zərkərov, Andrey və Brakin gəldi. Sergey Vasiliç onları yoldaşları ilə tanış etdi. Söhbəti Pavluşa başladı: – Bakı şəhəri Qafqazda fəhlə mərkəzidir. Buna baxmayaraq Tiflisdə olan fəhlə təşkilatları buradan möhkəmdir. Bizim təkbaşına çıxışlarımız hər çıxış nəticəsində də sahibkarlara təslim olduğumuz, tətillərimizin nəticəsizliyi — rəhbərsizliyin nəticəsidir. Fəhlələr təşkil edilmədikcə, sözdə, işdə, fikirdə birlik yaradılmadıqca biz istədiyimizi əldə edə bilməyəcəyik. Təşkilatsızlıq, başıpozuq bir surətdə çalışmaq, neft fəhlələrinin ağır bir surətdə istismar edilməsinə meydan verir. Siz bilirsiniz ki, Bakı fəhlələri — təsərrüfatı dağıldığı üçün şəhərə gələn kəndlilərdən, İran xanlarının zülmündən qaçan iranlılardan, meliklərin istismarına dözməyən ermənilərdən, knyaz və mülkədarlar əlindən — Volqa boyundan, Saratovdan, Simbirskdən və Mərkəzi Rusiyadan qaçıb gələn tatarlardan və ruslardan ibarətdirlər. Tatarlar ilə iranlılar Bakı fəhlələrinin ən geridə qalanlarıdır. Bunlar Bakıya gələrkən öz zəhmətlərini olduqca ucuz qiymətə satırlar. Bunların mədəniyyətsiz və sırf avam olmalarından istifadə edərək, sahibkar din-məzhəb ixtilafları törətməyi və fəhlələrin birliyini pozmağı da bacarır. Dini və milli hərəkat fəhlə hərəkatına qarşı, hər yerdə olduğu kimi, Bakıda da böyük əngəl törədir. Buna görə də fəhlələri təşkil etmək üçün sosial-demokrat siyasi dərnəklərinin təşkil edilməsi lazımdır. Biz bu kimi dərnəklərə azərbaycanlılardan və iranlılardan daha çox cəlb etməliyik. Pavluşa söhbətini bitirdikdən sonra ortalığı dərin bir sükut bürüdü. Hər kəs düşünürdü. Bir azdan sonra Andrey sual verdi: – Biz siyasi dərnək təşkil etməklə bu qədər geniş bir kütləni təşkil edə biləcəyikmi? Buna Jenya hamıdan əvvəl cavab verdi: – Burada oturanlar düşüncə və əqidəcə bir olsalar, kütlələrə yaxınlaşmaq çox da çətin olmayacaqdır. Sergey Vasiliç qəti bir səslə: – Mənim təcrübəm olduqca çoxdur, — dedi, — fəhlə ruhunu lazımi qədər tanıyıram. Fəhlə nə qədər başı pozuq və təşkilatsız olsa da, yenə də intizamı sevəndir. Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən əsla boyun qaçırmazlar. Xüsusən siyasi dərnək. Bu kimi təşkilatların hamısı fəhlələr üçün yenilikdir. Fəhlələr keçirdikləri həyatdan yorulmuşlar. Onlar sosial-demokrat təşkilatının gizli siyasi dərnəyinin əmələ gəldiyini bilsələr, onu bütün varlıqları ilə alqışlarlar. Hələ istismarın gündən-günə artması, sahibkarların həddindən artıq hərisləşib, həyasızlaşması ən avam fəhlələrdə belə yeni duyğu yaratmışdır. Mən sizə söz verirəm ki, hər bir müəssisədə fikrimizə köməkçi və tərəfdar tapa biləcəyik. Lakin bir şeyi unutmamalıdır: kapitalistlər fəhlələrin öz içərisindən də düşmənlər hazırlayırlar. Onlar avam fəhlələri çox tez aldada bilirlər, avam fəhlələrdən casus və xəfiyyə düzəldə bilirlər. Buna görə də biz sözümüzü demək istədiyimiz hər bir fəhləni lazımi qədər öyrənməliyik. Sergey Vasiliç sözünü bitirdi. * * * Pavluşa zavoddan qovuldu Müdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı. Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər. Çelmanın öz casusları vasitəsilə aldığı bu xəbər, Pavluşa və onun yoldaşlarının zavoddan çıxarılmasına səbəb oldu. Əmək müqaviləsində, sərxoşluğa adət edən fəhlələrin zavoda buraxılmaması qeyd edilmişdi. Lakin Pavluşa və onun yoldaşları bir kərə də olsa, zavoda sərxoş gəlməmişdilər. Pavluşanı Qaraşəhərdən götürüb, Balaxanıdakı Nobel müəssisələrinə göndərdilər. Əsgər və sairləri isə tamamilə işdən xaric edildilər. Onlar işdən qanunsuz çıxarıldıqları haqqında məhkəməyə müraciət etdilərsə də, məhkəmə sahibkarları haqlı çıxartdı. Nəhayət, onları öz yoldaşları dəmiryol emalatxanasında işə düzəltdilər. Buna baxmayaraq, yoldaşlar bir-birindən əlaqələrini kəsməmişdilər; onlar yenə də görüşür və siyasi dərnəyə davam edirdilər. Pavluşa Balaxanı — Sabunçu dairəsinə köçdükdən sonra Sergey Vasiliç onu öz evinə aparıb yer verdi. Bu gündən başlayaraq Pavluşanın Jenya ilə olan tanışlığı sıxlaşır və səmimiləşirdi. Onların bütün işsiz vaxtları bir yerdə keçir və bu da tamamilə siyasi dərslərə sərf olunurdu. Pavluşa Jenyaya siyasi məsələlərdə kömək etdiyi kimi, Jenya da bədii ədəbiyyatı öyrənmək işində Pavluşaya yardım göstərirdi. Onlar Puşkini, Lermontovu, Çexovu, Turkenevi və sair rus ədiblərini oxuyub öyrənirdilər. Sergey Vasiliçin həyatı maraqlı bir şəkil almışdı. Arvadı Anna da bu həyatı sevirdi. Onlar həmişə: «Bizim bir oğlumuz, bir də qızımız vardır» deyə sevinirdilər. Doğrudan da onların həyatı maraqlı və sevimli idi, çünki qocaların gözü qarşısında iki inqilabçı və mübariz gənc yaşayırdı; onlar ümidverici bir gələcəyə hazırlanırdılar. Yenə bir axşam Pavluşa ilə Jenya öz otaqlarında oturub gizlin ədəbiyyat oxuyurdular. Gecə saat bir olmuşdu, lakin yatmaq istəmirdilər; onlarda səbəbini bilmədikləri bir şadlıq oyanmışdı. Pavluşa oxuyur, Jenya dinləyir və bilmədiklərini soruşurdu. Jenya tez-tez «oxu, anlayıram», — deyə Pavluşanı oxumağa məcbur edirdi. Bir neçə dəqiqədən sonra bu səs artıq eşidilmədi. Jenya kirpiklərini bir-birinin üstünə tökərək başını Pavluşanın çiyninə qoyub yatmışdı. Pavluşa Jenyanın rahatlığını pozmamaq üçün oturduğu yerindən tərpənmədi. Jenya haçandan haçana gözlərini açdı, Pavluşanın qarşısında duran kitabı götürüb, yenə «oxu, anlayıram» deməyə başladı. Pavluşa divar saatına baxıb güldü: – Mən səni iki saatdır gözləyirəm, qabağımdakı yazıları ikinci dəfədir oxuyuram. Jenya xeyli yatdığını hiss etdi, qızardı. – Pavluşa, məni bağışla, səni rahatsız etdim. Nə qədər rahat və şirin yatdığımı bilsəydin! – Nə əziyyət verdin ki, səni bağışlamaq lazım gəlsin? – Çiynin ağrımadımı? – Ürəyimin döyüntüsü çiynimin yorğunluğunu unutdurdu. – Bu nə sözdür? Mən anlamadım, necə yəni ürəyimin döyüntüsü? Pavluşa dediyindən utandı, öz sevgisini açıq bir surətdə söyləyə bilmədi. Jenya qızarmış halda qalxıb yatmaq üçün ananın yanına getdi. Pavluşanın gözünə yuxu getmirdi. Jenyanın ona «bu nə sözdür?» deməsinə müəyyən bir məna verə bilmirdi. Fikrində bir qarışıqlıq əmələ gəlmişdi. O, ailə həyatını gah səadət, gah da fəlakət törədici bir şəkildə görür, mühitin məsud bir həyata imkan verməyəcəyini təsəvvür edirdi. Gözü önündən çürbəçür tablolar uçub gedir, fikirlər bir-birini əvəz edirdi, lakin Jenyanın şəkli eyni biçimdə, eyni ölçüdə, eyni gözəllikdə nəzərindən ayrılmırdı. Bu şəkil xəyalında dolaşan şəkillərin hamısına üstün gəlirdi. Bu fikirlərin təsiri altında Pavluşa öz-özünə sual verdi: «Mənə bir yoldaş lazım deyilmi? Lazımdır!.. Lakin Jenya da mənim düşündüyüm kimi düşünürmü? Bunu Jenyanın özündən soruşmaq mümkün olacaqmı?». Bu düşüncələrlə də Pavluşanı yuxu apardı. * * * Bu gecə Jenya ilə Pavluşa siyasi dərnəkdən yenicə gəlmişdi. Jenya yol uzunu dediyi sözü bir daha təkrar etdi: – Doğrusu, mən Lado yoldaşın bu gecəki iclasda dediyi sözünü heç də həzm edə bilmirəm. Pavluşa furajkasını və pençəyini mıxdan asıb stolun başında oturdu və əlini yanındakı kürsüyə vurub Jenyaya — otur, — dedi. Jenya oturdu və iki əlini stolun üstünə qoydu. Pavluşa əlini onun əli üzərinə qoyub dedi: – Lado yoldaş çox yerli danışdı. Sən siyasi dərnək apardığına baxmayaraq, hələ kapitalistləri tanımaq işində savadsızsan... – Xeyr, mən bu barədə savadsız deyiləm. Mən deyirəm ki, burjuaziyanın mədəni olması ilə mədəniyyətsiz olmasında çox fərq vardır. – Sənin bu barədə heç bir əsasın yoxdur. – Vardır! Görünür ki, sən gündəlik qəzetləri oxumursan. – Oxuyuram, hər gün oxuyuram, səndən də yaxşı oxuyuram! – Hərgah oxuyursan, bəs nə üçün neft sənayesi sahibləri qurultayına aid xəbərləri oxumursan? Bax, bu günkü qəzetdə əcnəbi neft sahibləri iş saatlarının azalmasını təklif etdikdə, yerli neft sahibkarlarından Mantaşev buna etiraz edir. Buna görə də biz təbliğat aparmalıyıq ki, fəhlələr əcnəbi müəssisələrində çalışsınlar, çünki əcnəbi neft sahibləri mədənidirlər. Pavluşa Jenyanın bu sözlərinə qəhqəhə ilə gülüb dedi: – Mənim gözəl yoldaşım, əvvələn sənə bunu söyləməliyəm ki, burjuaziya haqqında uzun-uzadı dərslər keçməliyik. Hələlik bu barədə dərnəkdə məsələ qoyulmamışdır. Çünki bura qədər hələ çox işlərimiz vardır. Sən onu bir kərə qulağında saxlamalısan ki, yoldaş Lado dediyi kimi, kapitalistlər mədəniləşdikcə onların fəhlə sinfini istismar üçün düzəltdiyi sistemlər də mükəmməlləşir, daha açığı, hərisləşir. Görünür ki, neft burjuaziyasının neft sənayeçiləri qurultayında düzəltdiyi fırıldaqlar sənin zehnini şaşırmışdır. Lakin onların istismar sistemləri bir-birindən fərqli olsa da, fəhlə sinfinə dair məqsədləri birdir. Məsələn, hazırkı Benkendorf şirkətləri iş saatlarının azalmasını təklif edir. Bunu fəhlələri sevdiklərindən etmirlər, məcbur edildikləri üçün edirlər. Burjuaziya bəzən kiçik güzəştə getməklə, böyük faydalar əldə etməyə çalışır. Sən burjuaziya haqqında düşüncəni dəyiş! Onlar qurultayda bir-biri ilə qumar oynayırlar. Onlar bununla fəhlə sinfinin gözünə torpaq atmağa və yaxında gözlənilən tətillərin qarşısını almağa, özləri üçün nüfuz qazanmağa və istismar silahını itiləməyə çalışırlar. Burjuaziya mədəniyyətsiz olsun, mədəni olsun, bununla fəhlə sinfinin həyatında bir dəyişiklik yaradılmaz. Mədənilər bıçaqla kəsir, mədəniyyətsiz qurdlar isə dişi ilə didir, dağıdır. Bunların ikisində də fəhlə sinfi məhv olur. Burada başqa-başqa cəhətlər də vardır. Əcnəbi neft sahiblərinin yerli neft sahiblərinə qarşı apardığı rəqabətin özü də bu məsələdə böyük rol oynayır. Onlar bu kimi çıxışları ilə yerlilərin neftini öz əllərinə keçirməyə və yerli neft sahiblərini dağıtmağa çalışırlar. Daha başqa cəhətlər də vardır ki, əcnəbi neft sahibləri bununla fəhlələri öz tərəflərinə çəkməyə çalışırlar. Məsələn, yerli neft burjuaziyasının mənfəətini müdafiə üçün yüzlərcə maaş alan qoçular vardır. Fəhlələrini silah gücü ilə susduranlar da az deyildir. Əcnəbi neft sahiblərində isə bu qüvvət yoxdur. Buna görə də onlar fəhlələri öz tərəflərinə çəkmək üçün xırda güzəştlərə getmək məcburiyyətindədirlər. Pavluşa danışdıqca, Jenya əlindəki karandaşla qabağın dakı bir parça kağızı qaralayırdı. Pavluşa sözünü bitirdikdən sonra da Jenya kağızı qaralamaqda davam edirdi. Pavluşa qəfildən əlini uzadıb Jenyanın qabağından kağızı qapdı. Kağızda — yaxası açıq, qalın saçları qarışmış, sağ qolunu stola söykəmiş, sol əlinin barmağı ilə danışığına ahəng vermək istəyən bir gəncin şəkli çəkilmişdi. Pavluşa: – Bu ki mənim rəsmimdir! — dedi. — Sən çox gözəl rəssamsan, məni olduğum kimi yaratmışsan! Jenya: – Yox — dedi. — Kağızı çox tez qapdın. Ona görə də şəkli düşündüyüm kimi bitirə bilmədim. Bir az da səbir etsəydin, ən incə nöqtələri belə təsvir edə biləcəkdim. Pavluşa: – O nöqtələr nə kimi nöqtələrdir? — deyə soruşduqda, Jenya utanaraq, üzünü ondan çevirdi və dedi: – O nöqtələr... sənin qəlbindir... Mən sənin qəlbini təsvir etməyə çalışırdım! Pavluşa bu sözlərdən sonra şəkli bir daha gözdən keçirdi. – Sən mənim qəlbimi oxumağa qadirmisən? Onu təsvir edə bilərsənmi? Jenya: – Bilərəm, — dedi. — Gənclərin qəlbini gözlərindən oxumalıdır! Gəncin gözləri, hətta alnının dərinləşməmiş cizgiləri belə onun qəlbini göstərmək üçün təbii bir ləvhədir. Bunları düşünməyən rəssam deyildir. Mən məktəbdə rəsm dərsləri keçdiyim vaxt bunları düşünür və öyrənməyə çalışırdım. Pavluşa: – Çox əcəb! — dedi. — İndi bu saat mənim qəlbimi oxu görüm! Jenya utandığından titrəyərək dedi: – Sənin qəlbin şübhələr, tərəddüdlər, qeyri-müəyyən sevgilər, məchul və müəmma şəklində görünən gələcək arzuları ilə doludur. Sən hələlik öz düşüncələrinə müəyyən bir şəkil verə bilməmişsən. Biçimsiz və tez-tez dəyişib başqa rəng alan düşüncələr, səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır. Pavluşanın rəngi qızardı, alnının damarları qabardı, barmaqları ilə saçlarını yuxarı darayaraq: – Sən mənim qəlbimdəki qarışıq, məchul və müəmmalı düşüncələr yaranan səbəbləri də mənə deyə bilərsənmi? — deyib Jenyanın əlini əlinə aldı. Gənc qız özünə məxsus bir əda ilə titrəyərək: – Deyə bilərəm! — dedi. — Ancaq sən onu da bilməlisən ki, hər sözü dillə deməzlər, bəzi sözləri baxışdan da oxumaq mümkündür. Jenya bu sözləri dedikdən sonra gözlərini stolun üstünə endirdi, susdu, üzündəki qırmızılıq və bədəninin qeyri-təbii hərəkəti utandığını göstərdi. Pavluşa yenə əvvəlki fikirlərinə qayıtmışdı, düşünürdü. Jenya ilə qurmaq istədiyi həyata müəyyən şəkil verməyə tələsirdi. Xeyli fikirləşdikdən sonra qarşısındakı soyumuş çayı götürüb içdi. Jenya ayağa qalxaraq: – Qoy sənə isti çay gətirim, — dedikdə, Pavluşa sarı saçlı bu gənc qızı bir daha gözdən keçirdi. Jenya da içəri otağa keçmək istərkən, başını çevirib Pavluşaya baxdı. Jenya çay hazırlamaqda ikən, Pavluşa yaşadığı ailənin bütün varlığını xəyalında canlandırırdı. İki kiçik otaqda yerləşən dörd nəfərlik ailənin malik olduğu şeylər: bir paltaryuyan qab, üç taxta kürsü, iki taxta çarpayı, bir samovar, üç stəkan, bir çuğun qazança, iki də köhnə saxsı qabdan ibarətdi. Otaqların birisində Jenya ilə anası, o birisində isə Pavluşa ilə Sergey Vasiliç yatırdı. Pavluşa bu yoxsul vəziyyəti gözdən keçirdikdə, Sergey Vasiliç yadına düşdü, öz-özünə sual verdi: «Görəsən bütün Bakıda Sergey Vasiliç kimi də fəqir və yoxsul bir adam varmı?» Pavluşa çox düşündü, nəhayət, sualın cavabını yenə də özü verdi. «Bəli vardır! — dedi. — Ən yoxsul, ən fəqir adam odur ki, Sergey Vasiliç kimi bir yoxsulun himayəsində yaşayır. Həmin yoxsul da mənəm! Heç bir şeyə malik deyiləm. Bu fəqir və yoxsul ev mənim varlığımla daha yoxsul görünür». Pavluşa bu fikirlərin təsiri ilə utanıb tərlədi. Jenya bir stəkan çay gətirib onun qabağına qoydu. Pavluşa onu bir daha gözdən keçirdi. Əvvəlki fikirlərindən onda bir nişan da qalmadı. Öz-özünə: «Bu evdə nə böyük bir zənginlik vardır!» dedi. * * * Tiflis komitəsi Tiflis menşeviklərinin çıxardığı «Kvali» qəzetinin fəhlə sinfinə siyasi mübarizə düşüncəsi verə bilməməsini nəzərə alaraq Bakıda gizli qəzet çıxarmaq və gizli mətbəə təşkil etmək üçün 1901-ci ildə Lado Ketsxoveli yoldaşı Bakıya göndərmişdi. Lado Bakıda gizli mətbəə təşkil etmək, fəhlə sosial-demokrat partiya komitəsi, dərnək və özəklər düzəltmək üçün çalışırdı. Gizli mətbəənin yeri hazırlanmışdı. Lado Tiflisə gedərək, mətbəəyə lazım olan şeyləri almaq və pul gətirmək istədiyi zaman, əcnəbi məmləkətlərdən Bakıya gətirilən gizli ədəbiyyatı artırmaq və onları dərnəklərə dağıtmaq üçün hektoqrafiya düzəldilmişdi. Jenya, Trafçenkonun düzəltdiyi hektoqrafiya ilə maraqlanır və bütün gününü sabunçulu Qiyasın evində keçirir, gizli ədəbiyyat çap etmək işində çalışırdı. Jenya həm vərəqələri çap edir, həm də onları aparıb lazımi yerlərə və ayrı-ayrı yoldaşlara paylayırdı. Jenya adəti üzrə yenə hektoqrafiyada çalışdığı zaman qapıda duran gözətçi: – Jandarmlar gəlir! — deyə səsləndi, özü də divardan aşıb qaçdı. Otaqda bir Simon, bir də Jenya qalmışdı. Onlar heç də şaşırmadılar. Jenya əvvəlcə çap olunmuş vərəqələri qoynunda gizlətdi. Sonra da otaqda hazır etdiyi zibilləri hektoqrafiyanın üstünə tökdü, süpürgəni onun üzərinə qoydu, lazım olan bütün alətləri vedrəyə tökdü və taxta döşəməni yumağa başladı. Jandarm və polis nəfərləri qudurmuş köpək kimi otağa soxuldular. Otağın yuyulmasını görüb kürsü üstündə oturdular, işin qurtarmasını gözlədilər. Onlar, həm Simonu, həm də hektoqrafiyanı əldə edəcəklərinə əmin idilər. Jenya otağı çox soyuqqanlılıqla yuyurdu; nə Simonun, nə də polislərin necə baxdığını, necə oturduğunu nəzərə almırdı. Otağı yuyub bitirdi. Üstünə süpürgə qoyduğu və zibil yığdığı hektoqrafiyanı bayıra apardı, qayıdıb islanmış meşok parçasını vedrəyə saldı, vedrəni otaqdan çıxartdı, sonra qayıdıb Simona dedi: – Ağa, daha başqa bir buyruğunuz varmı? Simon: – Xeyr — dedi. — Gedə bilərsiniz. Alın, bu da sizin zəhmət haqqınız. Bağışlayın, yalnız əlli qəpik verə biləcəyəm. Jenya əlli qəpiyi cibinə salaraq: – Çox razıyam, — deyib eşiyə çıxdı. Polis nəfəri bığlarını buraraq ona baxdı və jandarm nəfərinə göz vurub yavaşdan: – Yaman deyil! — dedi. Jandarm nəfəri də: – Bəli! — deyə dişlərini ağartdı. Jandarm onbaşısı Simondan soruşdu: – Otaq sənindirmi? – Bəli, mənimdir! – Buranı axtarmalıyıq, mənim göyərçinim. Bəlkə də bizə zəhmət vermədən özünüz vərəqələr çap etdiyiniz hektoqrafiyanı bizə təslim edəsiniz? Bu sizin cəzanızı da yüngülləşdirmiş olar. Simon: – Mənim özüm də sizin əbəs yerə zəhmət çəkib gəldiyinizə təəssüf edirəm! — dedi — Ancaq yenə də şübhə qalmamaq üçün evi axtarmağınızı rica edərdim. Polis nəfərləri qapının qabağında durmuşdular. Jandarmlar, ac köpək sümük üzərində çalışan kimi, Simonun otağını alt-üst etməyə başladılar. Axtardıqca, tez-tez bir-birinin üzünə sualverici bir surətdə baxırdılar. Onlar burada vərəqə çap olunduğuna gözləri ilə görmüş kimi inanırdılar. Hər yerə baxıldı. Yorğan-döşəyin içi, köhnə paltarların cibləri, döşəmələr, tavanlar, köhnə peçlər, müxtəsər, evdə nə varsa ortalığa tökülüb yoxlanıldı. Nəhayət, jandarm onbaşısı kürsünün üstündə oturdu, fikrə getdi. Qapı yanında oturan polis nəfəri mürgüləyirdi. Milçək burnunun yanındakı ət xalın üstünə qonurkən, əlini qaldırıb milçəyi qovur, yenə də mürgüləyirdi. Jandarm onbaşısı əlini dizinə vurub dedi: – Şeytan qızı! O, bizi aldadıb, bütün lazım olan şeyləri otaqdan çıxartdı! Polis nəfəri bu səsə ayıldı, bığlarını düzəltməyə başladı. * * * «Borba» qəzeti çıxdı Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı: – Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir. Hazırda Bakıda iyirmi iki min fəhlə çalışır. Bu qədər fəhləni ibtidai halda düzəlmiş hektoqrafiya üsulu ilə siyasi ədəbiyyatla təmin etmək mümkün deyildir. Əcnəbi məmləkətlərdən ədəbiyyat gətirmək get-gedə çətinləşir. Çar hökuməti bütün varlığı ilə fəhlə hərəkatını boğmağa çalışır və sınanmış jandarm və polislərini Bakıya cəlb etmişdir. Tiflisdə çar hökumətinin icazəsi ilə çıxarılan ədəbiyyatın fəhlə sinfinə siyasi düşüncə verə bilmədiyini nəzərə alıb, mən və bir sıra yoldaşlar inqilabi marksist ədəbiyyat nəşr etməyi qərara aldıq. Biz buna görə də gizli mətbəə düzəltmək, gizli qəzet çıxarmaq üçün Bakını hər yerdən əlverişli hesab etdik. İşə başlamalıyıq. Bu gün bizim «Brdzola» («Borba») adlı qəzetimizin birinci nömrəsi çıxdı. Biz bundan sonra yalnız Bakı fəhlələrini deyil, bütün Zaqafqaziyanı, bəlkə bütün Rusiyanı gizli ədəbiyyatla təmin edəcəyik. – Yoldaşlar! Tiflis partiya təşkilatı Bakıya çox diqqət verir, bizim mətbəəmizə lazım olan hər bir şeyin vaxtında gətirilməsinə kömək edir. Lado yoldaşdan sonra bir çoxları da danışdı. Gecə saat on birdə Jenya ilə Pavluşa onlardan ayrılıb Sabunçuya yola düşdülər. Yolda Pavluşa Jenyanın əlindən tutub dedi: – Sən bir az ayıq olmalısan. – Nə üçün? Nə olub ki? – Mən sənin mətbəədə işləməyini və dairələrə ədəbiyyat aparmağını heç məsləhət görmürəm. – Bunun səbəbini göstərə bilməzmisən? – Səbəbi odur ki, jandarmlar və polis nəfərləri səni artıq tanımışlar. Qorxuram ki, səni tutalar... – Qorxan adam çar hökuməti ilə mübarizə apara bilərmi? Mən sənə məsləhət görürəm ki, hərgah qorxursan, bir yolluq bu işdən çəkil. – Yox, mən özümdən qorxmuram. Qorxum ancaq səndəndir. – Məndən qorxma, mənim də özümə görə ağlım, özümü müdafiə etməyə tədbirim vardır. Mən də sənə məsləhət görürəm ki, dostluğumuzun pozulmaması üçün mənim xüsusi işlərimə qarışma. Mən bu vəzifəni komitənin və təşkilatın məsləhəti ilə götürmüşəm. Yenə də bu vəzifəni məndən ancaq təşkilat geri ala bilər. – Dünən mən səni nə üçün Sabunçudan Bakıya deyil, Keşləyə apardım? – Deməsəydin də mən Keşləyə gedəcəkdim, çünki Sabunçu stansiyasında duran jandarmın «Poçta aparan qız şəhərə gəlir» deyə Bakıya xəbər verdiyini bir neçə gün qabaqdan bilirdim. Bakı polisi Bakıda gizli ədəbiyyat çap olunduğunu bilməmiş deyildir. Lakin onlar bunun hansı küçədə və kimlərin əli ilə çap olunduğunu öyrənə bilməmişlər. Mən, təqib olunduğum barəsində Krasin, Nikolay Petroviç, Kazarenko və başqa yoldaşlara da demişəm. Pavluşa, sən məndən heç də nigaran qalma. Bakı polisini hər gün köpək kimi dalımca gəzdirib əldən salıram. Onları bilərəkdən dalımca salıb, şəhərin ən uzaq küçələrində gəzdirirəm. Onlar tamamilə yorulub getdikdən sonra mən öz işimin dalınca gedirəm. – Jenya, polislər şeytandan da çox bilir, sən onlara heç də inanma! – Onu bilirəm. Mən polislərin son günlər mənə qarşı soyuqqanlı bir vəziyyət aldığını da hiss etmişəm. Polislər mənim barəmdə başqa cür tədbirlər düşünürlər. Dünən Sabunçudan şəhərə gəlirdim. Stansiyada pilləkənlərdən düşərkən bir nəfər fotoqrafın uzaqdan durub, şəklimi almaq istədiyini gördüm. Pavluşa tələsik soruşdu: – Ala bildimi? – Ay aldı ha!.. O saat əlimdəki kiçik çemodanı üzümə tutub keçdim. – İndi gördün ki, sən gərək bu işdən çəkiləsən?! Sən tutulsan bizim sirlərimizin hamısı polisin əlinə düşə bilər! – Mən tutulmaqla sirlər nə üçün polisin əlinə düşə bilər? – Səni məcbur edərlər... Sən çar polisinin namussuzluğunu bilmirsən... * * * Pavluşa Jenyada görünən bu dönüşə təəccüb edirdi. Evə çatdılar. İkilikdə oturub çay içirkən Pavluşa soruşdu: – Jenya, bu gün sən Lado yoldaşa nə dedin? – Mən ki sözü örtülü demədim. Aşkarça dedim ki, Lado yoldaş, mən bir neçə gün mətbəəyə getməyəcəyəm, çünki polislər məndən şübhələnmişlər. Mətbəənin Voronsovski küçədə olması və mənim o tərəflərə tez-tez getməyim mətbəəni təhlükə altına ala bilər. – Belə ha!.. İndi sənin özün də qorxu hiss edirsən! – Pavluşa, belə görünür ki, sən qorxu ilə ehtiyatlı dolanmağa təfavüt qoya bilmirsən! – Qorxunun çoxluğu ehtiyatlı olmaq fikrini doğuran birinci amildir. – Cürətin çoxluğu da bəzən ağılsızlıqdan və tədbirsizlikdən doğur. Sən elə bilmə ki, mən sənin sözlərinlə vəzifəmdən geri çəkilirəm. Mən sənə qulaq asmış olsaydım, vəzifəmdən bir neçə ay bundan əvvəl çəkilərdim. Çəkilmədim. Mən bilirəm ki, çar jandarmeriyası mənim dalımca xəfiyyələr təyin etmişdir. – Bunu haradan bilirsən? Jenya Pavluşaya çox ehtiyatla izahat verməyə başladı: – Neçə gündür ki, məni gözəl geyimli bir gənc oğlan təqib edir. Mən onun casus olduğuna inanıram. – Ola bilməz! Yəqin ki, gözəl qızlarla gəzmək istəyən Bakı əyyaşlarından birisidir. Bir kərə onun üstünə qışqırsan, rədd olub gedər. – Belə olmaz! Onu öyrənmək lazımdır. Xəfiyyə isə onu cəzalandırmaq, məğlub etmək... Pavluşa narazı bir halda onun sözünü kəsdi: – Belə görünür ki, onunla gəzmək istəyirsən... Bu ayrı məsələ!.. – Sən mənə inanmırsan? – Yox, inanıram! – Bəs nə üçün qısqanırsan? – Mən sənə, sənin mənə inandığın qədər inanıram. – Tutalım ki, mən sənə heç inanmıram, sən mənə inana bilərsənmi? – Qarşılıqlı əlaqə olmadan inanmaq mümkün deyildir. – Məsələni çox uzatmayaq. Sən məni haman gənclə görsən qısqanacaqsanmı? – Sən bu haqqı mənə vermişsənmi? Jenya utana-utana dedi: – Bu haqqı mən sənə çoxdan vermişəm. Mən səni bu qədər aydın bir həqiqəti duymayacaq qədər idraksız hesab etmirəm... Pavluşa, mənə yaxşı qulaq as. Diplomat dilini bir tərəfə qoyaq. Mənimlə qəlbi açıq bir yoldaş kimi danış! Pavluşa onun üzünə diqqətlə baxıb dedi: – Gəl danışaq! Sən onu bilməlisən ki, mən heç vaxt səni qısqanmaram. Qısqanclıq tərbiyəsizlikdəndir. Lakin qəlbin sınmasın, qadın nə qədər mədəni və oxumuş olursa-olsun, yenə kişilərə nisbətən daha qısqanc olur. Qadınlar heç vaxt kişilərə inanmırlar. Jenya Pavluşanın üzünə tərs-tərs baxıb dedi: – Mədəniyyət kəlməsini aralığa atmasaydın, bəlkə də, sənin qadınlar haqqındakı yanlış fikirlərini tənqid etməzdim. Lakin mədəniyyətdən dəm vurub, mədəni olmayan sözlər danışmağın sənin savadsızlığını göstərir. Mən səninlə bu barədə uzun-uzadı danışmaq və filosofluq etmək istəmirdim. Mən səninlə ancaq məni təqib edən gənc barəsində danışırdım. – Çox gözəl, danış görüm nə demək istəyirsən? Jenya çox soyuqqanlı bir surətdə: – Əsəbiləşmə! — dedi. — Məni təqib edən gənc olduqca gözəl geyinir. Onun hər bir hərəkəti kübar ailəyə mənsub olduğunu göstərir. Bununla belə o bir xəfiyyədir, məni öyrənmək və polis əlinə vermək üçün göndərilmişdir. O, mənim dalımca kölgə kimi sürünür. Hələlik tanış olmamışıq. Casus olduğu şübhəsizdir, lakin mahir casus deyildir. Qıza yanaşması olduqca sadədir, uşaqcasınadır. Mən onun məqsədlərini öyrənmək üçün ona yanaşacağam, bunun üçün də məni qısqanma, bunu səndən rica etmək istərdim. Pavluşa: – Qısqanmaram! — dedi — Lakin, ehtiyatlı olmalısan, çünki casuslar şeytan balalarıdırlar. Onların bir hiyləsi də özlərini avam və sadə göstərməkdən ibarətdir. Sən gözəl qızsan, Bakı polisinin də şübhəsini qazanmısan. Onlar səndən çox acı bir intiqam ala bilərlər. Bunu da bilməlisən ki, gözəl və gənc qızların taleyini çox zaman zəngin və gözəl geyimli gənclər həll edirlər. Zənnimcə bunu çar polisi də bilir. Jenya gülərək dedi: – Sən məni tanıdığın halda, bu kimi sözləri mənə deyirsən? Sən vaxtında kimin qalib çıxacağını görəcəksən. Pavluşa istehzalı gülüşlə: – Biz ikimiz də gənçik, — dedi, — lakin bir məsələni unutmamalıyıq!.. – O hansı məsələdir? – Məğlub olanlar qalib çıxmağa tələsənlərdir. Bütün aldananlar, aldatmaq istəyənlərdir. Fikrini başına topla, sən bir təşkilat işçisisən, sənin casusları öyrənmək nəyinə lazımdır? Bir halda ki, onlar səni öyrənməyə çalışırlar! * * * Telefonnı küçədə adi hərəkət davam edirdi. Ağşəhərə, Qaraşəhərə gedən faytonlar, fabrik-zavod müdirlərini daşıyan təkatlı arabalar, konkalar sürətlə keçib gedirdi. Mədən dairəsindən şəhərə işləmək üçün gələn ağ çalmalı fəhlə qadınlar iş istəmək üçün qapıları döyürdülər. Küçədə şey satanların hay-küyü həyətə girən dilənçilərə hürən itlərin səsini itirirdi. Həyət süpürənlərin qışqırtısı da bu səslərə qarışıb küçənin ahəngini düzəldirdi. Ev xanımları, küçədə adam getməsinə baxmayaraq, ayaq altı xalçalarını balkondan aşağı silkələyirdilər. Stəkan dibində artıq qalan çaylar pəncərələrdən küçəyə atılırdı. Küçədən keçənlər də onları söyürdü; balkondakılar da bu söyüş qarşısında susmurdular: – Mazutda üzən qurbağa, üstü çındır, kirli, talesiz! — deyə cavab verirdilər. Küçədəkilər isə barmaqları ilə onları hədələyir: – Sizi oradan yerə tullamaq lazımdır! — deyirdilər. Balkondakılar küçə tinində duran qorodovoyu səsləyirdilər: – Bu tərbiyəsizi polis idarəsinə apar!.. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdənbirə dəyişdirdi. Suraxanıdan gələn qoçular, onların pusqusunda duran şəhər qoçuları ilə bərk atışmağa başladılar. Aptekin yanından keçən əli çantalı bir tərsanə fəhləsinə güllə dəydi. Fəhlə yıxıldı. Bu zaman Jenya oradan keçirdi. O, fəhlənin bağırtısını eşidib səksəndi və özündən getdi. Bir neçə dəqiqədən sonra gözlərini açıb, başını çoxdan bəri onu təqib edən gözəl gəncin döşündə gördü. Gənc cibindən loriganlı dəsmalını çıxarıb Jenyanın alın tərini sildi, diqqətlə gözlərinə baxdı. Jenya utanmış kimi gözlərini yumdu. Gənc Jenyanın əllərini və saçını oxşarkən, küçədəki atışma dayanmışdı. Qoçular çəkilib getmiş, həyət qapıları dalında gizlənmiş qorodovoylar yenə də postlarına qayıtmışdılar. Jenya tamamilə ayılmışdı. O, özünü doğruldaraq gənc oğlana dedi: – Çox razıyam! Mənə çox kömək etdiniz. Gənc soruşdu: – Özünüzü necə hiss edirsiniz? – Ürək keçməsi məndə təsadüfi deyildir. Bu həmişə məndə olur. Gənc yalvarışlı bir səslə: – İcazə veriniz, sizi ötürüm, — dedi. Jenya xəstə bir halda: – Sizə zəhmət olmazsa, mən özüm də bunu sizdən rica edərdim, — dedi. Onlar Torqovı küçədəki zəngin bir südxanaya girdilər, stol yanında oturdular. Gənc Jenyaya əlini uzatdı və: – İcazə veriniz tanış olaq, — dedi. Jenya ad və familiyasını deməkdən heç də çəkinmədi. Onsuz da polislər onun kim olduğunu gözəlcə bilirdilər. – Yevgeniya Sergeyevna. – Konstantin İvanoviç. Gənc oğlan əsil ad və familiyasını söyləməmişdi. Söhbəti birinci olaraq gənc başladı: – Şübhə yoxdur ki, siz bir müəssisədə çalışırsınız. – Yox... – Nə üçün? – Nə qədər çalışdımsa, yer tapa bilmədim. – İşləməyə marağınız varsa, düzəltmək mümkündür. – Bakıda bir işə girmək üçün vasitə lazımdır. – O vasitəni siz özünüz də axtara bilərsiniz, çünki müəssisə sahibləri fəhlənin gözəlliyini, tərbiyəli və ədəbli olmasını istəyir. Jenya qızarmış halda oğlanın üzünə baxdı: – Doğrudur! — dedi, — Bununla razılaşsaydım çoxdan bəri bir vəzifə əldə edə bilmişdim. Lakin mən fəhləni gözəlliyi səbəbinə işə qəbul edənlərin ruhunu oxşamağı bacarmıram. Oğlan soruşdu: – Təhsiliniz nədir? – Balaxanı məktəbini bitirmişəm. Gimnaziyaya girmək mümkün olmadı. Hər halda təhsilə olan həvəsim yenə də sönməmişdir. Jenya bu sözlərini çox təəssüflə dedi. Dərindən ah çəkib susdu. Gənc: – Həm işə, həm də gimnaziyaya düzəltmək mümkündür, — dedi. — Buna ancaq sizin icazəniz lazımdır. Məncə oxumaq daha məsləhətdir. – Atam da belə məsləhət görür. Lakin ehtiyac heç vaxt insanın özünün, yaxud başqasının verdiyi məsləhətlərlə hesablaşmır. Atam olduqca qocadır. Ailəmizin yaxın illərdə başsız qalacağı qorxusu da vardır. – Ailəniz böyükdür? – Yox, üç nəfərdən ibarətdir. – Onları yaşatmaq çox da böyük bir məsarif tələb etmir. – Elədir! Lakin yoxsulların qarşısında duran hər kiçik ehtiyac bir fəlakət qədər qorxulu və dəhşətlidir. Oğlan utanaraq soruşdu: – Əfv ediniz... nişanlısınızmı? – Xeyr! O barədə heç düşünmürəm də. – Nə üçün? – Yoxsul qızını dövlətli almaz. İki yoxsulun birləşməsi də iki səfalətin birləşməsi deməkdir. – Bu fəlsəfə doğrudur, lakin siz kübar ailədə yer tuta biləcək qədər gözəl və ədəblisiniz. – Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır. Oğlan bu sözlərə gülərək dedi: – Xanım qız, bu dedikləriniz fəlsəfədir, daha doğrusu, fantaziyaya daha yaxındır. – Görünür ki, siz qəzet oxumursunuz? – Xeyr, oxumuram! – Nə üçün oxumursunuz? – Qəzetlər gündəlik və müvəqqəti məsələlərə çox əhəmiyyət verir, ona görə də insanın ümumi mütaliəsinə pis təsir bağışlayır. – Doğrudur, qəzetlərdə ruha qida olacaq dəyərli materiallara təsadüf edilmir. – Hərgah sizdə oxumaq marağı varsa, mən sizin üçün əcnəbi qəzetləri də əldə edə bilərəm. Jenya gəncin nə məsələ ətrafında dolaşdığını hiss edib sözlərində daha diqqətli olmağa çalışırdı. – Mən ümumiyyətlə qəzetlərlə maraqlanmıram! — dedi. — Roman və hekayələr isə insana həyat yollarını və onların müxtəlif şəkillərini göstərir. Həyat məktəbini, ancaq romanlarla keçmək olar. Bəzən insanlar öz nöqsanlarını romanları oxumaqla da islah edə bilərlər. Gənc çox nəzakətlə dedi: – Yox, fikrinizə şərik deyiləm! – Nə üçün? – Əfv edərsiniz! İnsanların xəyalçı olması, həqiqətdən daha artıq xəyala yanaşması səbəblərini ancaq romanlarda aramalıyıq. Romançılıq, bəzən tarixi həqiqətləri də təhrif edir. Xülyaçılıq, yaradıcılığı nəticəsində də qəti nəzəriyyələri xəyalçı fəlsəfələrlə əvəz edir, daha doğrusu, insanın intixab qüvvələrini zəiflədir. Jenya başını tərpədərək: – Belə deyil, — dedi. — Romançılıq və hekayəçilik həyat və tarixi təhrif etmək deyil, əksinə, onu bədii şəkildə vermək deməkdir. Hərgah bir yazıçı öz yaradıcılığında yanılırsa, romançılıq və hekayəçilik xüsusiyyətlərini təhrif edirsə, bunun bizim müsahibəmizlə əlaqəsi yoxdur. Zənnimcə yazıçının fikri və həssaslığı, adi şəxsiyyətlərin düşüncə və idrak qüvvələrindən bir neçə qat üstündür. Onlar adi insanların düşünə bilmədiyi bir çox incə nöqtələri duya bilərlər. Bir romançı, ya bir hekayəçi hadisələri bədii və eyni zamanda oxucunun anlaya biləcəyi bir şəkildə ifadə edə bilərsə, fikri yolundan azdırmaq deyil, bəlkə insanın bədii zövqünü oxşamaqdır. Gənc, Jenyanı özündən razı buraxmaq üçün güzəştə getmək qərarına gəldi: – Mən özüm də beləyəm, — dedi, — hətta məndə sizin indiyə qədər oxumadığınız romanlar da vardır. – Nə kimi? Bir neçəsinin adını deyə bilərsinizmi? Gənc: – Bir neçəsini xatırlayıram, — dedi. — Məsələn, «İlk görüş», «Mahtablı gecələrdə busə», «Birinci öpüşlər», «Xırçın qız», «Sarı saçlar», «Şanlı intihar» kimi romanların oxunmasına mən özüm də tərəfdaram, çünki bunlar təbiətin gözəlliklərini, gənc ruhun qidalarını, sevginin doğduğu mənbələri, vüsalı, hicranı, intiharı şərəfli və sadəcə yazı sənətinin ən məqbul ifadəsi ilə insanın zehninə yedirə bilər. Bir də ki, gəncliyin gedəcəyi yolları bu kimi romanlar təyin edir. Gənc qəlbə yorğunluq hiss etdirməyən, gündəlik hadisələrin tozunu başdan və ürəkdən silib təmizləyən, insana yüksəklik, aliçənablıq verən, insanda kübarlıq yaradan bir vasitə varsa, o da yuxarıda saydığım romanlardır. Doğrudan da bu kimi romanları oxuyarkən məndə bəzən qəhrəmanlıq fikirləri doğur, bütün varlıq məndən alçaqda durur. Bəzən də mən dünya səyahətləri fikrinə düşüb, insana zövq verən xəyali bir gözəllik axtarışına getməyə hazırlaşıram, hərdən bir də dünyanı atıb asudə həyat keçirmək üçün yalnız bir sevgi düşüncəsi ilə qənaətlənirəm. Bir neçə gün bundan əvvəl mən Bayıl təpəsinin üstündə oturub baxırdım. Dənizdən aldığım təəssürat məni tamamilə bir şair və romançı halına gətirmişdi. Ətrafıma baxdıqca canlı obrazlara və bədii şəkillərə təsadüf edirdim. Günəşin qüruba məxsus şəfəqləri dənizdə göründüyü zaman, sanki təbiətin nurdan yaranmış çılpaq gəlinləri ağ mərmərdən düzəlmiş hovuzlarda çimir və dənizin üstündə gəzən ağ buludların yumşaq qətifələrinə bürünüb, bizim xəyalımızın dərk edə bilmədiyi nəhayətsiz boşluqlara çəkilirdi. Hələ ay çıxanda, şəfəqlərini dəniz pərilərinin mərmər sinəsinə tökəndə, insan şairlərin nə kimi obrazlardan ilham aldığını duymağa başlayır. Mən üzü ləkəli ayın iki parça ağ bulud arasından baxdığını görəndə, sanki qarşımda pudralanmaq istəyən gözəl və gənc bir qadın durmuş olur. Mən dünən gecə sahildə durub dənizə baxarkən, ayın şəfəqləri altında oynayan dalğaların vücuduna yabançı əl toxunan bir qız kimi diksindiyini görüb bədii zövq alırdım. Dəniz fanarı, bir hasar dalısından baxan və mərmər hovuzda çimən dəniz qızlarına tamaşa eləyən həris bir gənc gözləri kimi parıldayır, yenə də dalğaların dalına çəkilib gizlənirdi. Oğlan sözünü bitirçək, Jenya: – Bu təbii haldır, — dedi. — Siz saydığınız romanları hər kəs oxusa, sizin təsvir etdiyiniz obrazların içərisində çapalamağa məcburdur. Obrazçılığın özü də belədir. Onda adilik və normal bir xüsusiyyət aramaq doğru deyildir. Sizin dediyiniz obrazçılığın bu şəkli bir şəxsiyyətə, yaxud bir tabloya müəyyən bir sima verə bilməməyin nəticəsində doğan bir avaraçılıqdır. Ola bilər ki, sizin obraz qərar verdiyiniz bir tabloya, başqaları daha başqa ad, daha başqa obraz vermiş olur. Hər kəs öz bildiyi kimi təsvir elər, bununla da obrazlar həqiqətdən deyil, anlaşılmamazlıqdan meydana çıxmış olur. Mən dünən gənc bir şairin şerini oxuyarkən, verdiyi obrazlarına güldüm. O, göyü bir nimçəyə, göydəki ayı da kəsilmiş böyük dairəli kolbasaya bənzədirdi. Lakin siz ayı pudralanan bir qadın üzünə bənzədirsiniz. Mən bir söz söyləmək istəyirəm, acığınız gəlməz ki? Gənc gülərək: – Xeyr! — dedi, — rica edirəm söyləyiniz! Siz olduqca maraqlı və şirinsöhbət bir qızsınız; təsadüfümüz müvəffəqiyyətli bir təsadüfdür. Jenya dedi: – Heç şübhə yoxdur ki, siz aya baxıb ona gözəl və üzü pudralanmış bir qadın obrazı verdikdə qəlbinizdə sevdiyiniz bir qadın dolaşırdı. Lakin aya baxarkən qəlbinizdə mənfur bir sima dolaşmış olsaydı, o zaman ayın çöhrəsini pudralı və gözəl bir qadın üzünə deyil, ləkəli, çopur, nifrəti cəlb edən bir üzə bənzətmiş olardınız. Belədirmi? Gənc bu suala qarşı: – Belədir! — dedi. Jenya sözünə davam etdi: – Gənc şairin ayı kolbasaya bənzətməsi də bunun kimidir. Onun düşüncəsində kolbasa iştahası hakim olmasaydı, bəlkə də o, ayı bir nimçə plova bənzədərdi, yaxud kəsilmiş qarpızın yarısına oxşatmağa çalışardı. Bu sözlərdən sonra gənc oğlan qəhqəhə ilə güldü, stol üstündəki soyumuş qəhvələrin dəyişdirilməsi əmrini verdi və söhbətini davam etdirdi: – Yevgeniya Sergeyevna, birinci görüşümüz bədii söhbətlərlə başladı, buna görə də mən öz tanışlığımızın nəticəsini bədii bir gələcək kimi görməkdəyəm. Jenya: – Bəli, — dedi. — Gələcəyin bədii şəkil alması bizim özümüzdən asılıdır. – Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. Siz hər halda mənim söhbətimdən razı qalacaqsınız. Jenya dedi: – Orası doğrudur, lakin kübar ailələrdən çıxan zəngin bir gəncin fəhlə qızı ilə uzun müddət əlaqə saxlamağı qeyri-təbiidir. Hərgah bu mümkün olsaydı, mən də razı qalardım. Lakin bu mümkün deyildir! Oğlan başı ilə etiraz etdi: – Elə düşünməyə ehtiyac yoxdur. Mən heç kəsdən asılı deyiləm. Özüm öz taleyimin hakimiyəm. Sizə də bunu məsləhət görürəm. Jenya: – Yox! — dedi, — Mən özümü sizə layiq bilmirəm, çox yoxsul ailədənəm, səviyyəm olduqca aşağıdır. Bir də bizim tanışlığımız təzəcə başlayır. Adi bir tanışlığı səmimi sevgilərə qədər yüksəltmək doğru deyildir. Bəlkə də bundan bir saxtalıq hiss oluna bilər. Söhbət çox uzun çəkdi. Jenya qalxıb stansiyaya gedərkən, stansiyada sabah yenə də görüşmək vədilə ayrıldılar... * * * Qısqanclıq Jenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı. Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı. Gecə olduğundan vagon tamamilə boş idi. Jenya ilə Pavluşa oturan vagonda heç kəs yox idi. Vagonun şüşəsiz fənərinə qoyulan şam əriyib qurtarmaq üzrə idi. Bayır qaranlıq idi. Parovoz tısbağa kimi ağır-ağır gedirdi. Konduktor vagondakı tum qabıqlarını, papiros qırıntılarını süpürüb pəncərənin sınıq şüşələrindən bayıra atdı, lakin şiddətli külək zibilləri başqa bir pəncərədən içəri doldurdu. Jenya gözünü fənərin sönməkdə olan şamına dikib oturmuşdu. Nəhayət şam söndü, Jenya üzünü çevirdi, pəncərədən bayıra baxmağa başladı. Şiddətli külək davam edirdi. Keşlənin alçaq damları qabağında külək qum təpələri yaradırdı. Evlərin kiçik pəncərələrindən görünən işıqlar kor olmağa başlamış bir gözün bəbəyini xatırladırdı. Qatar tısbağa sürüsü kimi ağır-ağır gedirdi; şəhərdən kəndə qayıdan arabalar belə, parovozu ötüb keçirdi. Pavluşa heç dinmirdi, əlindəki bir parça kağızı dişilə didib vagona püfləyirdi. Jenya Pavluşanın hərəkətlərindən heç də xoşlanmırdı, onun yersiz qısqanclığı ilə özünü təhqir olunmuş hesab edirdi. Pavluşa Jenyaya inandığına, onu namuslu bir qız kimi tanıdığına baxmayaraq, yenə özünü ələ ala bilmir, Jenyanı qısqanırdı. Nə qədər fikirləşirdisə, Jenya ilə danışmaq üçün bir vasitə tapa bilmirdi. Çarəsiz qalıb məsələni gənc oğlandan başladı, yavaşçadan dedi: – İkimiz də gənçik! Sən görürsən ki, zahiri simamız belə bir-birinə oxşamır; onların qəlbi, düşüncəsi, əqidə və məfkurəsi də müxtəlifdir. İnsanın daxili xüsusiyyətlərini öyrənmək üçün nə bir maşın yaradılmış, nə də elə bir elm vardır. İnsanlar bu barədə hələ savadsızdırlar. Jenya başını pəncərədən çevirib, Pavluşadan soruşdu: – Sən bununla nə demək istəyirsən? Pavluşa yavaşça cavab verdi: – Mən deyirəm ki, o oğlan xəfiyyə-filan deyildir! – Sən bunu nə ilə isbat edə bilərsən? – Adamın ağlı var ya yox? – Əlbəttə ki, var! – İndi ki, ağlı var, gərək mühakiməsi də olsun. O, xəfiyyə olmuş olsaydı, indiyə kimi bir nəticə əldə etmişdi. – Mən imkan yaratsaydım, o nəticə əldə edə bilərdi. Pavluşa bu sözdən sonra dedi: – O səni sevir, mənim gözəl yoldaşım. Sevməsəydi sənin üçün pul xərcləməzdi. Bakıda belələri azdırmı? Sənin kimi gözəl qızlarla vaxt keçirmək üçün yüzlərlə pul sərf edənləri görmüşəm. Bakıdakılar gözəl qızları ovlamaq üçün pulu əsirgəməz. Əzizim Jenya, sən də haman ovlardan birisi deyilmisən? Sən düşünmədən, bu işin nəticəsini nəzərə almadan, adını, familiyasını, əqidəsini bilmədiyin bir əyyaşın ruhunu oxşamaqdasan. Jenya, burada başqa bir məsələ də ola bilər. Sən, əlbəttə, onu, məndən gizlətməməlisən. – O nə kimi məsələdir? – Bəlkə də o səni sevir, sən də onu sevirsən... Belə isə bunu məndən gizlətməyin nə mənası vardır? Sevgi elə bir şey deyildir ki, Pavluşanın və ya bir başqasının xatirinə güzəştə gedilsin... Mən bunu da demək istəyirəm ki, hələ varlığına tamamilə inanmadığım bu sevginin gələcəyi qorxuludur. Pavluşa çox uzun danışdı. Neçə gündən bəri ona demək istədiyi sözlərini tamamilə söylədi. Jenya çox acıqlanmışdı. Pavluşa ikinci kərə onun əlini sıxmaq istədikdə, Jenya əlini geri çəkdi. – Bu əli burax! — dedi. — Mən elə zənn edirəm ki, etibar eləmədiyin bu əl uzun müddət sənin əlini sıxmayacaqdır, çünki sənin əllərin inanmayan və yoldaşlıq əhdinə sadiq qala bilməyən əllərdir. Sən qısqanırsan. Mənim haman gənclə gəzdiyimə gəldikdə bu ancaq təşkilatın müdafiəsi üçündür. Bunu Lado yoldaş da bilir, Nikolay Petroviç də, Kazarenko da. Bəs onlar nə üçün sən deyən sözləri mənə demədilər? Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. Sən məsələyə qısqanclıq hissi ilə yanaşırsan. Neçə gündür ki, məsələni sənə anladıram, amma sən başa düşmək istəmirsən. Sən özünü köhnə başlı, mədəniyyətsiz kişilər kimi aparırsan. Bizim aramızda əqidə yoldaşlığı, bir də dostluq əlaqəsi var. Mən bunların ikisinə də and içirəm, mən öz qəlbimi və qəlbimdəkiləri heç kəsə satan deyiləm. Mən sənə and içməyə və haqq-hesab verməyə də borclu deyiləm, nə sən mənim ərim, nə də mən sənin arvadınam. Buna baxmayaraq, mən bir zərrəcə də olsa, səninlə olan əlaqəmin dəyişməsinə imkan vermirəm. Sən də gərək mənə azad işləmək imkanı yaradasan. Hərgah şəxsi və ya ümumi məsələlərdə mənə qarşı bir etirazın varsa, onu təşkilatda qoya bilərsən. Qoy təşkilat məni cəzalandırsın. Pavluşanı tər basmışdı, heç bir söz deyə bilmirdi. Qatar saat on ikidə dərin nəfəs ala-ala Sabunçu stansiyasında dayandı. Əvvəlcə Jenya, sonra Pavluşa vagondan düşdü. Onlar stansiyadan evə qədər uzun bir yolu piyada getməli idilər. Qoşa getmirdilər. Jenya yolun bir tərəfi ilə, Pavluşa isə başqa bir tərəfi ilə gedirdi. Pavluşa dayanıb, Jenyanı səslədi: – Jenya, gəl dolama və qısa yolla gedək. Jenya: – Dolama yolla gedənlər həqiqətə çox gec çatarlar! — deyərək yoluna davam elədi. Pavluşa bir neçə kərə Jenyaya yaxınlaşmaq istədisə də, qız yolunu dəyişdi, küsdüyü üçün onunla yan-yana getmək istəmirdi. * * * Ramanadan əsən şiddətli külək Jenyanın saçlarını dağıdırdı. Jenya yüzlərlə vedrədən taxta hovuzlara tökülən mazut şəlalələrindən təbii şəlalə nəşəsini alırdı. Ətrafdan axan mazutun səsindən, meşəli bir dağdan axan bulaqların zümzüməsini duyurdu. Elektrik çarxının boynuna dolaşan qayışın qəzəbli hərəkəti, mədən qarovulçularının fit səsləri, gözlərini kəlləçarxa dikib oturan tulumbaçının şərqiləri, haqq-hesaba gəlməyən buruqların arxasından eşidilən maşın gurultuları, mədən gecəsinə hakim olan zəhmət ordusunun hay-küyü, eyni zamanda onların dinlənilməz daxili fəryadları Jenyanı düşündürürdü. Onu mazut gölməçəsinin görünüşü, mazut gölməçələrində çay quşları kimi üzən elektrik lampaları, vulkan gurultusu verən fantan səsləri və şəvə rəngli fəzalar məşğul edirdi. Buruqların dalısından çıxan ay dumanlı dənizdə duran bir mayak kimi sısqa işıqlarını qara buruqlar üstünə yayırdı. Şiddətli külək xeyli aralıda vuran fantandan aldığı neft damcılarını ətrafa yayır, yolçuların üz-gözünü, paltarını isladırdı. Jenya özünü qorumaq üçün yerişini artırdı. Pavluşa: – Mən deyən yol ilə getsəydin paltarın da ləkələnməzdi, — dedi. Jenya kinayə ilə: – Mazut ləkəsini yumaq çətin deyil, — dedi, — lakin elə ləkələr vardır ki, onları ancaq ölüm təmizləyə bilər. Pavluşa bu sözün cavabını verə bilmədi, çünki evə çatmışdılar. * * * Gizli ədəbiyyat məsələsi Bu gecəki iclasda xaricdən gətirilən «İskra» qəzetinin vəziyyəti barəsində danışılacaqdı. Bu barədə Lado Ketsxoveli məruzə edəcəkdi. Məruzəçi sözünü belə başladı: – Biz indiyə qədər mühüm ədəbiyyatı xaricdən alırdıq. O ədəbiyyatın sırasında partiyamız üçün ən lazımlı olan «İskra» qəzeti də vardı. Bir zaman biz «İskra» qəzetinin özünü yox, matrisasını alırdıq. Bu da diş həkimi Sofiya Kinzburqun adına gələn pasılkalarla xaricdən Bakıya göndərilirdi. Son günlər gələn pasılkanın yeşiyi gömrükxanada əzildiyi üçün yeşikdə şübhəli şeylər olduğu məlum olmuş və buna görə də Jandarm çağırılmışdır. Sofiya Kinzburq həbsə alınmışdır. Sofiya nə qədər danışdırılmışsa, bu məsələni boynuna götürməmiş və sirləri açmamışdır. Biz bu barədə «İskra»nı göndərən yoldaşlara xəbər verdik. Onlar bizə Bakıdakı işləri ixtisar etmək və nəqliyyat ilə əlaqəyə girişməyi məsləhət görürlər. Bu gün Batumidən aldığımız məlumata görə Marseldən, Batumiyə işləyən «Paqe» cəmiyyətinin kəmisində Bakı üçün ədəbiyyat göndərilmişdir. Ədəbiyyatı kəminin aşpazı gətirir. Hazırda bizim müzakirə edəcəyimiz məsələ varsa, o da buradan Batumiyə gizli ədəbiyyat aparmaq və Marseldən paroxodla Batumiyə gələn ədəbiyyatı Bakıya gətirməkdən ibarətdir. Bunun üçün də etibarlı və bacarıqlı yoldaşlardan birisini göndərmək lazımdır. Ketsxoveli sözünü bitirdikdən sonra iclasdakılar suallı baxışlarla bir-birinə baxdılar. Çar jandarmeriyası Bakı ilə Batuminin sıx əlaqədə olduğunu bildiyindən Bakıdan Batumiyə gedənlərə, Batumidən Bakıya gələnlərə olduqca ciddi diqqət yetirirdi. Son vaxtlar Bakıdan xaricə bir parça kağız çıxarmaq belə mümkün deyildi. İclasdakıların hamısı bunu bilirdi. Jenya: – Bu vəzifəni mən öz öhdəmə götürürəm, — dedi. Pavluşa soruşdu: – Nə cür yerinə yetirərsən? Jenya qəti olaraq: – O mənim işimdir, — dedi. — Hərgah vəzifə mənə tapşırılarsa, mən öz planımı söyləyə bilərəm. * * * Jenya səyahət istəyir Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı. Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu. Gənc, Jenyanın bu hərəkətini yeni bir təşəbbüsün başlanğıcı hesab edirdi. Bunu öyrənmək üçün bir yol axtarırdı. – Bu gün mənim gözəl dostum həyatdan narazı qalan düşüncəli bir qıza bənzəyir, — dedi. Jenya: – Elədir, — dedi. — Həyat insanı yorur. Həyat olduqca yekrəngdir. İnsanın bu gün etdikləri dünənkilərin ardı deməkdir. Sanki mənim günlərimin hamısı bir ölçüdə, bir şəkildə və bir çərçivədədir. Mən şəxsən bir-birinin eyni olan günləri tez-tez keçirməklə ölümə doğru tələsməkdəyəm. Mənim həyatım qəmli bir həyatdır. Şəhərdə yaşamaq sizə rahatlıq və nəşə verir, lakin mən hisli, kirli Sabunçuda doğulmuşam, böyümüşəm, oxumuşam, orada da ölməliyəm. Mən qəfəsə salınmış bir quş kimiyəm. Qanadım var, lakin uçmağa imkan yoxdur; özümü bir dustaq kimi hiss edirəm. Həyatımı bürüyən şərtlər mənə bu dairədən çıxmağa yol vermir. Mən və mənim kimi bir çoxları həyat şəraitinin təsirində olaraq, dünyanın ancaq müəyyən bir yerində həyat keçirmək məcburiyyətindəyik. Uzaqlara demirəm, Bakıdan qırağa çıxmaqdan, Xəzər dənizi ilə Qara dəniz arasındakı kiçik sahəni görməkdən belə məhrumam. Gənc, Jenyanın bu sözlərindən çox sevindi. Jenyanın bir səyahət üçün zəminə hazırlamaq istədiyini duydu. Gözlərində dərin xəyanətlərin gizli sirləri dolaşmağa başladı. – Gözəlim, mədəni və varlı Bakıda yaşamaqdan yoruldunmu? Jenya: – Mənim dırnağım yerində olmayanlar yaylalarda, mədən sularında, gözəl dəniz sahillərində, Avropa səyahətində həyat keçirirlər... Bəs mənim hisli-paslı Sabunçuda yaşamağım yorucu deyilmidir? Gənc soruşdu: – Siz səyahət etməkmi istəyirsiniz? Jenya: – Səyahəti sevirəm, — dedi, — xüsusilə Qara dəniz sahilləri ilə maraqlanıram. – Bu o qədər də çətin bir şey deyil ki... – Mənim üçün çox çətindir. – Bu səyahəti sizin üçün düzəltməyi mən öz öhdəmə götürürəm. – Siz məni bu qədərmi sevirsiniz? – Sevgimin adi sevgilərdən olmadığına and içirəm. Bu sevgi müvəqqəti deyildir. Mən hətta sevgiyə: «Müvəqqəti bir hadisə, tez sönən bir məşəl» deyib səhv edənlərlə də razılaşa bilmərəm. Mən əsil sevginin müvəqqəti olmadığına inanıram. Mən doğulduğum gündən bir ay bundan əvvələ kimi görmədiyim və tanış olmadığım, hətta haqqında bir gün də olsa düşünmədiyim bir qız üçün indi hər saat, hər gün düşünürəm, onu heç vaxt unuda bilməyəcəyimi hiss edirəm. Jenya: – Doğrudur! — dedi. — Mən bütün bunları sizə qarşı bəslədiyim səmimi əlaqələrdə təcrübədən keçirməkdəyəm. İndi mən də həqiqət saymadığım bir işə inanıram: dünyada ikitərəfli sevgi ola bilərmiş! Siz: «Əsil sevgi xarici qüvvə məhsuludur», deyə onun təhlil edilməsinin mümkün olmadığını iddia edirsiniz, lakin mən o xarici qüvvəni təhlil etmiş və həmin sevginin səbəblərini anlamışam. Mən indi bilirəm ki, bir-birini sevən iki gəncin ruhu və daxili duyğuları da bir-birinin eynidir. Buna görə də onlar bir-birindən ayrı yaşaya bilməzlər. Gənc həm Jenyaya qulaq asır, həm də düşünürdü. Onun düşüncələrini görünüşündən oxumaq çox da çətin deyildi. O, iki yolun ayrıcında durmuşdu — həm Jenyanın, həm də özünün gələcəyi haqqında düşünürdü. O sevir, lakin özünü o sevgidən çəkindirirdi, çünki onun vəzifəsi ilə sevgisi bir yerdə yaşaya bilməzdi. Vəzifəsi imkan versəydi, bəlkə də o, Jenyanı sevər və ondan ayrılmazdı, bəslədiyi xain fikrindən də əl çəkərdi. Gənc qızı tutdursunmu? Jandarmların əlinə versinmi? Onun sürgünlərdə, dustaqxanalarda çürüməsinə imkan yaratsınmı? Bu kimi düşüncələr gənc casusu uzun zaman öz təsiri altına aldı, lakin yenə o xain fikirlərindən əl çəkmədi, öz-özünü danlamağa başladı: «Sən çox axmaq fikirlər edirsən! Sən vəzifəndə qalib çıxsan, yalnız Jenya deyil, yüzlərlə Jenyaları əldə edə bilmək imkanı yarada biləcəksən!» Jenya da düşünür, öz-özünə deyirdi. «Mən bu casus gənci necə olursa-olsun məğlub edəcəyəm! Bu adam uzun zaman çalışması nəticəsində çar jandarmeriyasından böyük bir mükafat deyil, ağır cəza alacaqdır. Bu adamı tutduğu casusluq yolundan qaytarmaq mənim vəzifəm deyil, buna vaxtım da yoxdur. Bu gənc də, bunun kimi yüzləri də çar polisinin xain məqsədi yolunda istifadə edilən bir alətdir». Jenya bu fikirlərlə məşğul ikən gənc casus da öz düşüncəsinə yeni bir şəkil verməyə başlamışdı: «Bəlkə də bu qızı polis xidmətinə keçirə bildim... Bəlkə də biz əməkdaşlıq edə bildik. Hərgah belə bir qız mənimlə bərabər çalışmağa razı olarsa, mən nə işlər görə bilərəm?!» Çox düşündülər. Nəhayət, gənc səssizliyi pozdu: – Əmin olunuz, sevdiyim! Siz Qara dəniz sahillərini səyahətə gedəcəksiniz. * * * Jenya Batumiyə gedir Gənc xəfiyyə həddindən artıq sevinirdi. Nə üçün də sevinməsin? Bu səfərində o iki quşu bir güllə ilə vuracaqdı: həm gizli ədəbiyyat aparan Jenyanı Batumidə ədəbiyyatla bərabər tutduracaq, həm də Batumidə fəhlə hərəkatı rəhbərlərini öyrənib jandarm idarəsinə xəbər verəcək idi. Biletlər yumşaq vagona alınmışdı. Hambal, Jenya ilə gənc casusun çemodanlarını kupeyə qoydu. Orada iki nəfər başqa adam da oturmuşdu. Onlardan birisi Moskva taçirlərindən idi. O, çay əkini işləri ilə tanış olmaq üçün Çakvaya gedirdi. İkincisi də bir erməni keşişi idi. Onun oğlu Odessa şəhərində evləndiyi üçün atasını toya çağırmışdı. Jenyanın çemodanı gənc xəfiyyənin gözü qarşısında moskvalı taçirin çemodanı ilə yan-yana dururdu. Moskva taçiri öz çemodanını açdı, bir kitab çıxarıb oxumağa başladı. Gənc xəfiyyə gözünü Jenyanın çemodanından ayırmırdı, çemodanların dəyişik düşməsindən qorxurdu. O öz gələcəyini, səadətini, bütün varlığını bu çemodandan asılı görürdü. Ona görə də bir qalibiyyətə, hətta qazanılmış bir qalibiyyətə sahiblənmək üçün getdiyinə sevinirdi. Gülürdü, oxuyurdu, çürbəçür lətifələrlə Jenyanı məşğul edirdi. Jenya da gülürdü, gənc xəfiyyənin lətifələrini öz lətifələrilə qarşılayırdı. Batumiyə yaxınlaşırdılar. Rus taçiri vidalaşıb Çakva stansiyasında düşdü, keşiş Batumiyə qədər gedəcəkdi. Jenya nazlana-nazlana dedi: – Mən sizi heç unutmayacağam, sizin məhəbbətinizi də heç bir məhəbbətlə dəyişməyəcəyəm. Siz mənə ömrümdə görə bilməyəcəyim bir səadəti qazandırdınız. İndi mən keçmiş günlərimin pis keçdiyinə təəssüf edirəm. Mən nə üçün sizinlə əvvəldən tanış olmadım! Gənc xəfiyyə: – Mənim yaxınlığım sizə həyatın nümunəvi bir səadətini verəcəkdir. Siz həyatın nədən ibarət olduğunu bundan sonra görəcəksiniz, — dedi və yenə də oxumağa başladı. Dəmiryol qatarı uzun tüneldən çıxıb yaşıl meşənin qoynuna girdi. Parovoz boz saçlarını dalına atıb dərindən nəfəs aldı... Qara dəniz görünürdü. Suyun qəlbindən qalxan günəşin ilk şüaları otların, yasəmənlərin şehli saçlarını qurudurdu. Miniklər vagonun pəncərəsindən gözəl mənzərəyə baxdıqca özlərini başqa bir aləmdə hiss edirdilər. Jenya da sol tərəfdə görünən çiçəkli meşələrdən, sağda günəş şəfəqləri altında parlayan Qara dəniz ləpələrindən gözünü çəkə bilmirdi. Lakin gənc casus gözlərini Jenyanın çemodanına dikib durmuşdu. Qara dənizin səhərə məxsus boz ipək örtüləri altında nazlanan Batumi şəhəri göründü. Fikus ağaclarının güzgü kimi parlayan yarpaqları qatarı salamlayırdı. Batumi limanında duran kəmilərin dirəkləri uzaqdan kiçik qutulara taxılmış kibrit çöpü kimi görünürdü. Jenya Batumidə görüşmək istədiyi yoldaşları haqqında düşünürdü: – Nə olaydı, yoldaşlar Batumidən getməmiş olaydılar! Onlar mənim bu müvəffəqiyyətimi görsəydilər nə qədər çürətli bir qız olduğumu bilərdilər. Gənc casus isə Jenyanı başdan-ayağa süzür, çox çəkmədən ondan ayrılacağını, onu jandarmlar pəncəsinə verəcəyini düşünürdü. Bununla da həm sevinir, həm də bu kimi gözəl bir qızı itirəcəyinə təəssüf edirdi. Jenya ondan soruşdu: – Biz hara düşəcəyik? Gənc casus: – Mehmanxanaya, — dedi. – Bizim burada tanışımız da vardır. Bəlkə ikimiz də ora düşə bildik? – Yox, orada heç rahat ola bilmərik. Mehmanxanada daha yaxşıdır. «Yalta» oteli çox təmiz, çox da səfalıdır. Jenya sevinclə: – Etirazım yoxdur, — dedi. — Oradan Qara dəniz görünmüş olsaydı, mən daha razı qalardım. – Dəniz otellərin hamısından görünür. Arxayın olun. Qatar palma ağacları içərisində gizlənən stansiyanın qabağında dayandı. Çar jandarmları dərhal vagondan düşənlərin üstünü aldı, şübhəli hesab edilənlər şeyləri ilə bərabər jandarm idarəsinə aparıldı. Nə gənc xəfiyyənin, nə də Jenyanın şeylərinə əhəmiyyət verildi. Şübhəsiz ki, gənc xəfiyyənin Batumiyə gələcəyi və özü ilə bərabər yağlı bir ov gətirəcəyi Batumi jandarm idarəsinə xəbər verilmişdi. Faytona oturub «Yalta» mehmanxanasına getdilər. Çemodanlar içəri qoyuldu. Jenya da, gənc casus da sevinirdi. Jenya qazandığı qalibiyyətdən, gənc xəfiyyə də təsəvvür etdiyi müvəffəqiyyətdən şadlanırdılar. Gənc casus bir saatdan sonra Jenyanın ədəbiyyatla dolu çemodanının jandarm idarəsində olacağını yəqin edirdi. O, sevincindən Jenyanın əllərindən tutub özünə tərəf çəkdi, dodaqlarından öpmək istədi. Jenya əllərini onun əlindən dartıb aldı, geri çəkilərək: – Evləndikdən sonra! — dedi. Gənc xəfiyyə gülümsünərək: – Evlənmək? Bəli, evlənmək... evlənmək... Buna çox qalmamışdır, — dedi və əllərini bir-birinə sürtməyə başladı. Jenya əl-üzünü yumaq üçün bayıra çıxdı. Xəfiyyə bundan istifadə edərək Jenyanın çemodanını böyük bir təlaşla açdı, o saat da bütün halı dəyişdi. Onun gözlədiyi şey çemodanda yox idi. Orada ancaq Jenyanın paltarı, bir də bir neçə adi kitab var idi. Gənc xəfiyyə həyəcandan titrəməyə başladı, az qaldı dəli olsun. Əlləri ilə başına vurdu. Özünü öldürmək istədi. Silahı yox idi. Oturub düşündü; yenə qalxıb gəzinməyə başladı. «Bütün zəhmətlərim hədərə getdi. Hökumətin pulunu xərclədim. Qız inqilabçı deyilmiş. O məni aldadırmış. Batumiyə gəzməyə getmək istədiyi üçün mənə yaxınlaşırmış. Mən onu Bakıdan Batumiyə qədər gözdən buraxmadım. Bunda gizli ədəbiyyat vardısa, bəs necə oldu?!». Gənc xəfiyyə öz gələcəyi haqqında düşündü, çünki polis və jandarm idarəsi onu azad buraxmayacaqdı. Ancaq heç bir şey tapa bilmədi. Özünü üçüncü mərtəbədən atmaq istərkən, Jenya içəri girdi və soruşdu: – Əziz dostum, sizə nə olub? Halınız nə üçün pozğundur? Xəfiyyə titrək səslə: – Doğrudan da halım çox pozğundur, — dedi, — görünür, Batuminin havası mənə düşmür. Jenya özünü itirmiş kimi: – Elə isə tez geri qayıda bilmərikmi? Gənc casus həyəcanlı bir surətdə: – Əlbəttə, qayıda bilərik, — dedi. — Burada oturunuz, mən bir həkimə gedim. Gənc paltosunu geyib bayıra çıxdığı zaman Jenya ona dedi: – Mənim əzizim, sənə yenə soyuq dəyər... Bu sözlər gənc casusa güllə kimi dəydi. O qayıdıb Jenyanın üzünə acıqlı baxdı, qapını çırpıb, bayıra çıxdı. Jenya qapının dalını vurub qəhqəhə ilə güldü. Çay gətirdilər. İkinci stəkanı içib qurtarmamışdı ki, qapı vuruldu. Gənc xəfiyyə ilə bərabər iki Jandarm onbaşısı içəri girdi. Jenya gənc xəfiyyəyə yazığı gəlmiş kimi: – Aman, əzizim! — dedi, — Başına bir fəlakətmi gəldi? Gənc casusun danışmağa halı yox idi, o ancaq qurumuş dodaqlarını dili ilə isladır, qorxusundan titrəyirdi. Jandarm nəfərlərindən birisi: – Xanım qız, — dedi, — icazə verin, sizin otağı axtaraq. Jenya heç də özünü itirməyərək: – Buyurun, axtarın — dedi. Otağı axtardılar. Heç bir şey tapmadılar. Jenya ilə gənc xəfiyyəni baş jandarm idarəsinə apardılar. Keşiş də orada idi. O, xaç vurur, gözündən damcı-damcı yaş tökürdü. Jandarm miralayı Jenyadan soruşdu: – Bu oğlan kimdir? Doğrusunu de! – Bu oğlan Konstantin İvaniçdir! – Bunun səninlə nə əlaqəsi var? – Nişanlımdır. – Nə vaxt tanış oldunuz? – Altı aydır. – Batumiyə nə üçün gəldiniz? – Gəzmək üçün. – Sizin yanınızda başqa miniklər də var idimi? – Var idi; birisi erməni keşişi, birisi də gənc rus taçiri idi. – Sən inqilabçısan? – Elə bircə o qalmışdı! – Gizli ədəbiyyat necə oldu? – Çemodanda idi, amma gizli deyildi. Onları Konstantin də gördü və mənzili axtaran jandarmlar da götürüb baxdılar. – Çay taçiri necə oldu? – Çakva stansiyasında düşdü. – Taçirin Konstantin İvaniçlə əvvəldən tanışlığı var idimi? – Bilmirəm. Ancaq onlar vagonda tanış oldular. – Sən Konstantin İvaniçin haqqında daha nə deyə bilərsən? – Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. Onun inqilabçılar və gizli ədəbiyyat işləri ilə heç bir əlaqəsi yoxdur. – Bayıra çıx! Jenya bayıra çıxdı. Keşiş yenə də ağlayır, tez-tez xaç vurur, günahsız yerə tutulduğunu söyləyir, həzrət İsanı və allahı köməyinə çağırırdı. Jenyanın getməsinə icazə verilməmişdi. İki jandarm nəfəri onun keşiyində durmuşdu. Bir neçə dəqiqədən sonra, onu dübarə içəri çağırdılar. Jandarm miralayı Jenyaya dedi: – Sən gedə bilərsən! Sonra keşişə dedi: – Sənin haqqında da Bakıya xəbər verilmişdir. Oradan xəbər gəlincəyə qədər sən Batumidə qalmalısan. Keşiş ağlaya-ağlaya yalvarmağa başladı: – Allaha və həzrət İsaya inanın, mən bir fəqir keşişəm, məni burada saxlamayın, oğlumun toyuna çata bilmərəm. Miralay gülərək dedi: – Teleqram göndərin toyu bir az keçikdirsinlər. Bakıdakı toy daha mühüm toydur... * * * Jenya yüngül bir sorğudan sonra jandarm idarəsindən buraxıldığına heç də inana bilmirdi. Tez-tez yeriyirdi. Yanı ilə gedən jandarm nəfərinin onu dustaqxanaya apardığını zənn edirdi. Birbaş «Yalta» otelinə gəldilər. Jandarm nəfəri gənc casusun şeylərini götürüb getdi. Jenya pəncərənin qabağında oturub xeyli düşündü. Bakıda adreslərini aldığı adamları görmək lazım idi. Paltarını dəyişdi. Qapıdan bayıra çıxarkən otel sahibinin arvadı ona yanaşıb dedi: – Mən sizi görmək üçün gəlirdim. Jenya onu içəri çağırdı: – Elə isə otağa buyurun. Qadın içəri girib oturdu. Jenyanı ayağından başına kimi gözdən keçirib soruşdu: – O yazıq gənci nə üçün tutdular? – O barədə heç bir söz deyə bilmərəm, jandarm idarəsində buna aid heç bir söz demədilər. – O sizin ərinizdimi? – Xeyr, evlənmək istəyirdik. – O, inqilabçı idimi? – Bilmirəm. – İndi siz burada nə etmək istəyirsiniz? Sizin burada tanışınız vardırmı? – Tanışımız olmamış deyildir. Olmasa da eybi yoxdur, özüm yenə də Bakıya qayıda bilərəm. – Otağı hələ buraxmırsınız ki? – O barədə düşünməyiniz, otaq pulu vardır. – Mən o mənada soruşmadım. Sizə kömək etmək istəyirdim. – Çox razıyam! Sizin bu fikrinizin qiyməti, köməkdən bir neçə qat yüksəkdir. – Bəlkə də sizin yoldaşınız inqilabçıymış? – Tutaq ki, inqilabçı imiş, hazırda onu tutmuşlar. Əlimizdən nə gələr? – Nə üçün? Kömək etmək mümkün idi. Burada inqilabçılar var. Onun dustaqxana əziyyətini yüngülləşdirməyə, həm də ehtiyacını ödəməyə çalışardılar. – O, bir inqilabçı isə inqilabçılar onun tutulmasını hamıdan qabaq eşidər və əllərindən gələni də əsirgəməzlər. Jenyanın bu sözündən sonra qadın dedi: – Elə isə bu gün şəhərə çıxmayın. – Nə üçün?! Bir hadisəmi olmuş? – Bəli, bu gün şəhər qorxuludur... – Nə olub ki? – Dünən, ayın 8-də, Batumi polisi Xaçaturov zavodunun fəhlələrindən bir çoxunu tutmuşdur. Bizim aldığımız xəbərə görə, bu gün bütün Batumidə zavod və müəssisələrin fəhlələri nümayiş edib, yoldaşlarının azad olunmasını tələb edəcəklər. Jenya bu sözdən çox sevindi. Qadından soruşdu: – Bu günmü? – Bəli, bu gün! Nümayiş bu gün olacaqdır. Ayıq olun, bu gün bayıra çıxmayın! Jenya daha bir söz demədi. Bayıra çıxmaq üçün hazırlandı. Qadın onun saçlarını sığallayaraq dedi: – İndi ki, bayıra çıxırsınız, bir az ayıq olun! Jenya pilləkənlərdən aşağı düşdü, sevincindən küçənin hansı tərəfinə gedəcəyini unutmuşdu. Heç də düşünmədən, Kandelakinin evini soruşub yola düşdü. Jenya onu öz qapısında tapdı, tanış oldu. Onlar birlikdə Xaçaturovun zavoduna getdilər. Fəhlələrin hamısı qapıda və zavodun həyətində toplanmışdı. Nümayiş başlandı. Jenya da nümayişçilərə qoşuldu. O, Xaçaturov, Rotşild və başqa zavodların nümayişçiləri ilə bərabər yeriməkdə idi. Şüarlar, tutulmuş fəhlələrinin azad edilmələri şüarından ibarət idi. Nümayişçilər dustaqxanaya sarı irəliləyirdilər. Jenya Daraxvelidze, Mixail Qabuniya, Kandelaki, Yemelyan Kapaleyşvili yoldaşların sırasında gedirdi. Batumi polisi də lazımı hazırlıqlar görmüşdü. Nümayişçilər dustaqxana binasına yaxınlaşarkən, soldatların süngüləri ilə qarşılandılar. Soldatların kapitanı Antadze qışqıraraq: – Dağılın! — dedi. — Dağılmasanız, soldatlara atəş əmri verəcəyəm! Jenya ilə yan-yana gedən İnjerabyan və bir neçə başqası dayanmaq istədi. Onlar tərəddüd göstərməyə başladılar. Bu zaman kəskin bir səs eşidildi: – Dağılmayın! Tutulanların azad olunmasını daha qəti tələb etməliyik. Bu səs, dəstələri qəti mübarizəyə sövq etdi, nümayişçi dəstələr irəliləməyə başladılar. Yaylım atəşi açıldı. Dəstələrdən nümayişçilər də soldatlara daş atmağa başladılar. Silahsız mübarizəyə çıxan Batumi fəhlələri: «Yoldaşlarımızı verin!» — deyə qışqırdılar. İkinci yaylım atəşi açıldı. Onlarca fəhlə yerə sərildi. Jenya irəli gedənlərlə ayaqlaşa bilmədi. Güllə onunla yan-yana gedən Yemelyan Kapaleyşvilini yerə yıxdı. O da can verməkdə olan mübariz fəhlənin başını dizi üstünə aldı. Fəhlə öldükdən sonra qalxdı, nümayişçilərlə bərabər geri çəkildi. Jenya burada Rotşild fəhlələrindən Kuridze ilə tanış oldu və onunla Batumi ətrafındakı Bartsxane kəndinə getdi. * * * Jenya Bartsxane kəndində bir çox Batumi fəhlələri ilə tanış oldu. Vasyanı gördü. Çakva stansiyasında Jenyanın ədəbiyyatla dolu çemodanını dəyişdirib vagondan düşən Vasya kəndli arabası ilə Batumiyə gəlib ədəbiyyatı lazımi yerinə təhvil vermişdi. Fransız şirkətinin paroxodu ilə Batumiyə Marseldən Smidoviç tərəfindən gizli ədəbiyyat göndərilmişdi. Paroxod iki gündür ki, limanda durub yük verir və yük qəbul edirdi. Lakin ədəbiyyatı kəmidən çıxarıb gətirmək mümkün deyildi, çünki Batumi polisi, əcnəbi məmləkətlərdən Zaqafqaziyaya gizli ədəbiyyat gətirildiyini yəqin etdiyindən əcnəbi kəmilərindən çıxarılan mallar haqqında ciddi təhqiqat aparırdı. Yığıldılar, bu barədə çox düşündülər. Hər kəs bir cür fikir söylədi. Bəziləri ədəbiyyatın kəmidən az-az çıxarılmasını təklif etdi. Bu təklif qəbul edilmədi, çünki ədəbiyyatı gətirən aşpaz ədəbiyyatın bütövlüklə çıxarılması təklifində inad edib durmuşdu. Çox götür-qoydan sonra, iki nəfər kontrabandçı tapmaq, onların qayığını əldə etmək, fransız paroxodu gecə sahildən dənizə çəkildiyi zaman ona yanaşmaq və ədəbiyyatı alıb geri qayıtmaq qərarı qəbul edildi. Kontrabandçıları tapıb gətirdilər. Onları başa saldılar. Qayıqlarını nə vaxt və harada hazır edəcəklərini söylədilər. Jenya otel sahibinin şübhəsini qazanmamaq üçün geri qayıtmalı idi. Buna görə də axşam yeməyindən sonra yoldaşları ilə, o sıradan Vasya ilə vidalaşıb şəhərə qayıtdı. Otel sahibinin arvadı onu koridorda qarşıladı və onunla bərabər otağa girib soruşdu: – Ay qız, sən belə qorxulu gündə harada qaldın? – İndiyə qədər gəzdim, zavallıdan heç bir xəbər tuta bilmədim. Bilmirəm onu harada saxlayırlar. Polis idarəsindəmi? Dustaqxanadamı? Bir şey öyrənə bilməyib, geri qayıtmağa məcbur oldum. – Nümayişi gördünmü? – Yox! Nümayiş olan tərəflərə getmədim. Qadın daha bir neçə sual verdi. Jenya onların hamısına lazımi cavablar verdi, yatmağa hazırlanırkən, qadın vidalaşıb çıxdı. Jenya lampanı söndürüb pəncərənin qabağında oturdu. Yuxusu gəlmirdi. Marseldən gələn ədəbiyyatın jandarm əlinə düşməsindən çox qorxurdu. Onun əldə etdiyi qələbə, həmin ədəbiyyatı Bakıya aparmaqla tamamlanacaq idi. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. Uzaqdan görünən və ləpələrin hərəkəti ilə titrəyən dəniz fanarı, uzun gecəni yuxusuz qalmış bir qarovulçunun gözləri kimi işarır, kirpiklərini qırpırdı. Qorodovoy və jandarm fitlərinin «Tamara» fortlarına əks edən səsləri, Əziziyyə məscidinin minarəsindən gələn bayquş qəhqəhələri çar Batumisinin gecə nəğmələrini təşkil edirdi. Dalğaların qəlbindən qopan, şəhəri titrədən küləklər, Batumi fəhlələrinin qəlbindən qopan sarsıdıcı qəzəbi xatırladırdı. Limandan uzaq, açıq dənizdə duran əcnəbi paroxodlarını yoxlayan sahil projektorları gizli ədəbiyyat gətirən fransız paroxodunu yoxlamağa başlarkən, Jenyanın düşüncəli gözlərində də ildırımlar çaxırdı. Jenyanın intizar, qorxu və düşüncə dalğasında üzən qəlbi, ədəbiyyatı gətirmək üçün göndərilən qayıq kimi çapalayırdı. Limanı dolaşan hərbi qarovul gəmisinin dağlara əks edən siqnalı «Yalta» otelinin pəncərəsi qabağında oturan Jenyanın qulaqlarını dırmaqlayırdı. Şam meşələri dalından yenicə çıxan ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. Şəhər olduqca sakitdi. Ancaq parovozların manevr səsi, gəmilərin son islıqları, qorodovoy və jandarmların fit səsləri eşidilirdi. Şərq üfüqləri şəfəq saçarkən, ulduzlar cənuba doğru axarkən, sönüb gözdən itərkən, ay gəlib «Yalta» oteli üstündən keçərkən, meşə quşları səhər nəğməsinə başlarkən Əziziyyə məscidinin minarəsində o ulayan bayquşun səsi azançının səsi ilə həmahəng oldu. Bu arada bir nəfər pəncərə altında durub sanki papirosunu alışdırmaq üçün iki kərə kibrit çəkdi. Jenya sevindi. Axı o, ədəbiyyatın paroxoddan götürülüb lazımi yerinə verildiyini bildirən bir siqnal idi. * * * May nümayişi 1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi. Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı. Rayondan şəhərə və şəhərdən rayona getmək çox çətinləşmişdi. Bakı polisi, üstü köhnə və hisli olan hər adamı köpəkcəsinə güdür, nəzarət altına alır, onu bir inqilabçı hesab edirdi. Şəhərdə və rayonlarda iclas çağırmaq, məsələləri ümumi iclaslarda həll etmək heç cür mümkün deyildi. Pavluşa və Jenyanın Sabunçuya gedib gəlməsi də polisin diqqətini cəlb etməkdə idi. May bayramı nümayişinə çıxmaq lazım idi. Yoldaş Ladonun təklifinə görə bu nümayiş Bakı əməkçilərinin açıq nümayişi və topladığı inqilabi qüvvənin birinci imtahan nümayişi olmalı idi. Bu məqsədlə də nümayişə hazırlıq üçün ümumi iclas çağırmaq və əməkçiləri lazımi qədər təşkil etmək lazım gəlirdi. Jenya və Pavluşanın tez-tez şəhərə gəlib Balaxanı—Sabunçu dairəsinə getməsi hazırlıq iclasının şəhərdə və ya Balaxanı — Sabunçu dairəsində baş tutacağı barəsində jandarm idarəsini inandırmışdı. Buna əsasən fabrika, zavod və mədənlərdə gizli çalışan fəhlə hərəkatı xainlərinə, aşkar və gizlin işləyən xəfiyyələrə lazımi göstərişlər verilmişdi. Bibiheybət dairəsində də Bakı polisinin ciddi hazırlıq hərəkatı gözə çarpırdı. Lakin Bakı polisi yanılmışdı. O, şəhər və rayonları ciddi nəzarət altına alırkən, əməkçilərin ümumi iclası Keşlə düzündə baş tutdu. Əməkçilər bu iclasa tək-tək gəlirdilər. Qərara alınmış təpənin dalına məğrur və qorxmaz addımlarla gələnlər addımlarını hara qoyduğunu və nə üçün getdiyini bilir, gələcək Bakı — əməkçi Bakısı xəyalında canlanır, gələcəkdə qələbə çalacağına inanırdı. Pavluşa ilə Jenya hamıdan əvvəl, hətta Jandarmlar yuxudan qalxmadan, qərara alınmış yerə gəlib yoldaşlarını gözləyirdilər. Jenya Batumidən qayıtdıqdan sonra Pavluşanın ona qarşı əlaqəsi tamamilə dəyişmişdi. Pavluşa onun möhkəm bir fəhlə və öz sevgilisinə sədaqətli bir qız olduğuna inanırdı. Onu artıq qısqanmırdı. Onun gələcəyi haqqında düşünürdü. İndi o, qumların üstündə oturub yoldaşlarını gözlərkən xəyalında çürbəçür tablolar açıldı: Jenyanı jandarmlar tutur, sürgünə göndərir, təhqir eləyir, məhv edir; o, Jenyanın görüşünə getmək üçün hökumətdən icazə istəyir, onun özünü də tuturlar. O, Jenyanı ancaq pəncərədən görə bilir, başı ilə onu salamlayır. Nəhayət özünü də sürgün edirlər, bununla da sevgisindən məhrum olur. Pavluşa bu kimi fikrin təsiri ilə dişlərini dişləri üstünə basıb, titrədiyi zaman, Jenya da başını onun dizinə qoyub, barmağı ilə qum üzərində «Yaşasın 1 May» şuarını yazırdı. Uzaqdan bir qaraltı göründü. Jenya sarı saçlı başını Pavluşanın dizindən qaldırdı. İclasda Knunyans, Nikolay Vişnevski, Yustin, Qoqodze Stepan, Nikolay Qorişvili, Solomon Doladze, Stet, Korobçenko, Kulikovski, Kuznetsov, Arşak Xaçiyev, Pavluşa, Əsgər, Ayrapet, Lado, Məmməd, Vasya və Jenya iştirak edirdilər. İclasda May nümayişinə hazırlıq məsələsinə başlanmadan əvvəl günün hadisələrinə keçilərək, çar jandarmının son günlər Batumidəki sosial-demokrat təşkilatına vurduğu zərbə haqqında danışıldı. Lado dedi: – Yoldaşlar! Günlər olduqca mühüm günlərdir. Çar hökuməti sosial-demokrat təşkilatını ciddi təqib altına almışdır. Son vaxtlar çar hökuməti bütün sınanmış jandarm və xəfiyyə qüvvələrini Qafqaza gətirmişdir. Aprelin 5-də Batumi təşkilatının iclasında, Daraxvelidze, Kandelaki və sair yoldaşlar tutulub Batumi dustaqxanasına salınmışdır. Ümumi iclas bu qısa məlumatı dinlədikdən sonra, May nümayişinin aprelin 21-də Parapet ətrafında təşkil edilməsini qərara aldı. Vəzifələr yoldaşlar arasında paylaşdırıldı. Aprelin 21-i bazar gününə təsadüf edirdi. Buna görə də nümayişi bu günə keçirmək daha əlverişli idi. Əvvələn, bu gün fəhlələrin istirahət günü idi. Başqa günlər fəhlələrin işi buraxıb May bayramı nümayişinə gəlməsi Bakı jandarmeriyasını xəbərdar etmək və bununla da may hazırlığına əngəl törətmək demək idi. İkinci də, bazar günü olduğu üçün şəhər əhalisinin böyük hissəsi işsiz idi. Parapetin ətrafı adamla dolmuşdu. Xalq böyük və kiçik dəstələrə ayrılaraq, adi söhbətlərlə məşğul ikən, Bakı polisi də bu günü başqa bazar günləri kimi adi bir istirahət günü hesab edəcəkdi. Jandarm və polis idarəsi lazımi hazırlıq görməmişdi; bir hadisə üz verəcəyinə əsla inana bilmirdi. Kimsə bu nümayişin polis və jandarmın həmişə nəzarəti altında olan bir yerdə — Parapetdə baş verəcəyinə ümid etməzdi. Erməni kilsəsinin böyük, kiçik zəngləri qarışıq səslərini şəhərə buraxmışdı. Zənglər «Gəl, gəl! Tez ol!» — deyə erməni camaatını daş damın içərisində qurulan mövhumat tələsinə çağırırdı. Ağ yaxalı erməni ziyalıları, qara donlu, qara örpəkli qadınlar, çocuqluq beşiyindən yenicə düşərək mövhumatın beşiyinə yüyürən gənc qızlar, ərinin məhəbbətini qazanmaqdan ötrü daş qüvvəli binaya yalvarmaq üçün gedən gəlinlər, dünya və axirət səadətini qazanmaq məqsədi ilə keşişin tüpürçəkli və kəsif əlini öpməyə gedən qadınlar, Allahdan övlad tələb etmək üçün gedən övladsızlar, zavallılar, öz xəstəsinə şəfa axtaranlar, doğanlar və doğmayanlar, borclu düşənlər, ərindən, arvadından narazı qalanlar, evlənmək arzusunda olanlar... zənglərin qarma-qarışıq səslərini eşidib kilsəyə gəlirdilər. Sevənlər, sevilənlər, bir-birini görmək istəyənlər kilsənin «qüdsiyyətindən» istifadə etməyə tələsirdilər. Günahlılar günahını bağışlamaq, savablılar isə savabını artırmaq və mövhum cənnətin ən mühüm yerlərini əldə etmək istəyirdilər. Bir çoxları da keşişə demək üçün hazırladığı günahlarını əzbərləyə-əzbərləyə gedirdi. Yalvara-yalvara bir parça çörək almaq üçün gələnlər, sürgündəki, dustaqdakı övladına nicat diləmək istəyənlər, həyatın ağırlığını keçirən dilənçilər, qol-qılçalarını itirmiş çolaqlar, zirzəmilərin rütubətli havasını udanlar, öskürə-öskürə ölüm çağıranlar, qan qusanlar sürünə-sürünə laqeyd Allahın, soyuqqanlı İsanın qapısına gəlirdilər. Erməni burjuaziyası kilsəyə hamıdan sonra gəldi. Onlar kilsəyə toplanan yoxsulların erməni burjuaziyasına sədaqətli qalmaları və son qüvvələrini istismara təslim etmələri üçün and içirməyə gəlirdilər. Burjuaziya qadınları da ipək donlarını sürüyə-sürüyə gəlirdilər. Bakı fəhlələri isə nümayiş keçirmək, öz qüvvəsini Bakı burjuaziyasına göstərmək üçün möhkəm addımlarla Parapet ətrafında toplaşırdılar. İnqilab duyğusu ilə çırpınan inadlı ürəklər mübarizə üçün meydana atılmağa və öz varlığını göstərməyə tələsirdi. İki dünya bir-birinə qarışmışdı. O dünyanın biri — kilsəyə, allaha yalvarmağa gələnlər, yoxsulları burjuaziyanın mərhəmətinə tapşıranlar, o biri isə allaha, kilsəyə, dinə nifrət bəsləyənlər idi. Qızıl bayrağı Tatarski küçədə olan Ruxadzenin dükanında saxlayır, Bakı təşkilatının əmrini gözləyirdilər. Erməni kilsəsində dua qurtarmışdı. Kilsədəki adamlar yavaş-yavaş bayıra çıxıb, ətrafda toplanmış kütlələrə qoşulurdular. Birdən bayraq göründü. Onun ətrafında iki mindən artıq fəhlə var idi. Qırmızı bayraq daşıyan dəstələr dəniz kimi dalğalanırdı. Bu vaxt bir-birinə zidd olan iki səs eşidilirdi: biri kütlələri mövhumata, köləliyə dəvət edən kilsə zənginin səsi idi, o birisi isə «Yaşasın əməkçilərin azadlıq bayramı!» deyə yüksələn qurultulu səslər idi. Bu səs əzəmətli bir sel idi. Bu səs kilsədən çıxan erməni burjuaziyasının ahəngini pozdu. Aralıq qarışdı. Burjuylar bayılmaqda olan qadınlarını faytonlara qoyub qaçmaq istəyirdilər. Onlar indiyə qədər eşitmədikləri bir səs eşidirdilər: – Yoldaşlar! Bu gün böyük bayramdır! Biz bu gün nadanlıq, cəhalət, fəqirlik və yalan əleyhinə qalxırıq. Rədd olsun mütləqiyyət! Yaşasın azadlıq! Bu səs, sanki bir anda, bütün Bakı mühitini titrətdi. Pəncərələr açıldı, zərif pərdələrin dalından yüzlərcə yoğun boyunlar, qaba başlar uzandı, yuyulmamış üzlər, daranmamış saçlar, minlərcə yuxulu gözlər yüksək binalardan küçəyə tərəf çevrildi. Bayraqçının yanından bir səs daha eşidildi: «Səkkiz saatlıq iş günü!» Bu səs Bakı zəhmətkeşlərinin əsas şuarlarını bütün Bakıya elan etdi və istismarçı burjuaziyanın yaz səhərindən aldığı nəşələri zəhərlədi. Bu səs may səhərinin yüngül və ruhoxşayıcı küləyinə qarışıb, burjuaziyanın pəncərələrindən içəri soxuldu. Havada uçan və üzərində «Yaşasın 1 May bayramı!» yazılmış intibahnamələr Bakı milyonçularının qəlbini çırmaqlayırdı. Polis və jandarmlar havadan yerə düşən intibahnamələri tutmaq, məzmunundan xəbərdar olmaq istəyirdilər. Lakin bu intibahnamələri oxumaq istəyən minlərcə xalq buna mane olurdu. Jandarmlardan bir hissəsi ancaq qırmızı bayrağı ovlamaq üçün yüyürürdü. Bir səs daha eşidildi: – «Rədd olsun mütləqiyyət! Yaşasın azadlıq!» Bu səs sanki bir ağızdan deyil, bütün Bakının üfüqlərindən ucalırdı. Bir anda qadın dəstələri də kişilərə qoşuldu. Bu səs başqa küçədə olanları da öz tərəfinə cəlb etdi. Dəstələr get-gedə böyüdü, Bakı polislərinin təşvişinə səbəb oldu. Polis, kütləvi şəkil almış Bakı nümayişini sakit edə biləməyəcəyini yəqin etdi, bunun üçün də yalnız qızıl bayrağı daşıyan Vanonu nişanladı və onun xüsusi əlamətlərini öyrənərək nümayişdən sonra ovlamağı qərara aldı. Qızıl bayrağın sayı Bakı polisinin gözündə get-gedə artırdı. Nümayiş dəstələri Nikolayevski küçəyə dönərkən, bir dəstə polis və polis rəisi oradan keçirdi. «Rədd olsun mütləqiyyət!» — deyən səslər eşidildi. Bu səs polis rəisini gözlənilməz bir zərbə kimi sarsıtdı. Onun rəngi qaçdı, yerində donub qaldı. Birdən o özünü toplayıb öküz kimi böyürdü: – Dağılın! Lakin bu səs nümayişçiləri qorxutmadı. Azadlıq fikri ilə məşğul olan zehinlərə təsir edə bilməzdi. Hərə bu səsi bir cür qarşıladı: kimisi polis rəisinə yumruq göstərir, kimisi barmağı ilə hədələyir, kimisi ağacla qorxudur, kimisi gülür, kimisi də «kəs səsini!» deyə bağırırdı. Jenya görünmürdü. Bu hal Pavluşanı düşündürməyə başladı. O, Jenyanın tutulduğunu zənn edərək həyəcana düşdü. Damlardan, pəncərələrdən, divarların üstündən, məktəb binalarından «Yaşasın azadlıq!» səsləri eşidilməyə başlanmışdı. «Rədd olsun çar!» səsləri ildırım kimi çaxırdı. Polis nəfərləri fəhlələri tutmaq istərkən fəhlələr onları yumruqlayıb əllərindən qurtarırdılar. Polislər, birinci növbədə nümayiş səsinə gələnləri dağıtmaq istədilər, lakin məqsədə nail ola bilmədilər, çünki hər kəs nümayişin nə cür bitəcəyini gözləyirdi. Birdən polis nəfərlərinin və nümayişçi kütlələrin diqqətini mühüm bir hadisə cəlb etdi. Hamı dal tərəfə baxmağa başladı. Qadın nümayişçilərinin dəstəsi gəlirdi. Jenya ilə Paykova qabaqda gedirdi. Polis nəfərləri isə onların kölgəsi ilə sürünür, ov tulaları kimi gözlərini onlara dikmişdilər. Nümayiş qurtarıb küçədəkilər evlərinə çəkilirkən polislər nişanladıqları müəyyən şəxsləri tutmağa başladılar. Vano, Pavluşa, Vasya, Əsgər, Məmməd, Ayrapet aradan çıxdı. Bayraq daşıyan Vano polislərin yanından keçib gedirkən, onu tanıya bilmədilər, çünki o, əyninə başqa bir paltar geyib, başına ayrı bir papaq qoymuşdu. Nümayişçilərdən qırx üç nəfərin tutulduğu xəbəri alınan kimi Pavluşa Jenyanı axtarmağa başladı. Jenya tapılmadı. Onun Kulikovski və Paykova ilə bir yerdə olması, bunların da tutulması Pavluşanı daha da rahatsız etdi. Lakin tutulanların siyahısında Jenyanın adı olmadığından, onun başına böyük bir fəlakət gəldiyini zənn etdi. Şəhərdə Jenyanı tapmadı, Sabunçuya getmək üçün paltarını dəyişib, stansiyaya gəldi. Axşam idi. Stansiyada bir Pavluşa, bir də qoltuğunda ağ boğça olan çarşaflı bir qadın vardı. Birinci zəng vuruldu, yenə də minik gəlmədi. May nümayişinə görə dairələrdən şəhərə bir nəfər də olsa adam buraxılmamışdı. Qatar hərəkət etdi, vaqonlarda jandarm nəfərlərindən və bilet yoxlayan qulluqçulardan başqa heç kəs yox idi. Pavluşa şüşəsiz pəncərələrdən bayıra baxdı, atlı kazaklardan başqa heç bir kəsi görmədi. Çarşaflı qadın arxasını Pavluşaya çevirərək, boğçasını qabağına qoyub oturmuşdu. Pavluşa nə edəcəyini, Jenya haqqında bildiyi xəbəri Sergey Vasiliçə nə cür söyləyəcəyini yenə də düşünür, bu vəziyyətdən necə çıxacağını təyin edə bilmirdi. Sevgilisi, yoldaşı Jenyanın xəbərsiz itməsi onun başına çürbəçür fikirlər gətirirdi. O, Balaxanı — Sabunçu stansiyasında vagondan endi, çarşaflı qadın da ağ boğçasını alıb çıxdı. Stansiyada jandarm və polis nəfərlərindən başqa heç kəs yoxdu. Pavluşa stansiyadan uzaqlaşarkən, çarşaflı qadın da onun dalınca gedirdi. Pavluşa dayandı, o çarşaflı qadın da dayandı, Pavluşa yeridi, çarşaflı qadın da yeriməyə başladı. Pavluşa qadından şübhələndi. Geri qayıtmaq, Sergey Vasiliçin evini ona tanıtmamaq istədi. Qadın da onunla bərabər qayıtdı. Pavluşa evə getməyi qərara aldı. Yola düzəldi, çarşaflı qadın da onun dalınca düşdü. Pavluşa həyətə girdi, çarşaflı qadın da onun dalınca. Həyətdə o, Pavluşadan qabaqda getməyə başladı. Qadın Sergey Vasiliçin qapısını döyüb içəri girdi. Pavluşa bayırda durub, bir müddət çarşaflı qadının bu evə nə üçün gəldiyini düşündü. Evə girdi, çarşaflı qadını görmədi, lakin Jenya kiçik güzgünün qabağında durub sarı saçlarını dəstələyir, düzəldirdi. Pavluşanı heyrət götürdü. Sergey Vasiliç isə gülərək: – Sən hələ Jenyanın bu kimi kələklərini çox görəcəksən! — dedi. Jenya tutulanların siyahısını oxuyurkən, Paykova, T. Knunyans, B. Knunyans, Nikoladze, Melik Usunyan, Kazarenko, Nazaryan, Çiknovaryan yoldaşların da adını çəkdi və əlavə etdi: – Bu yoldaşları da martın 14-də tutulan yoldaşların yanına göndərdilər. Jenya öz başına gələn hadisədən danışmağa başladı. – Mənim öz başıma gələn hadisə belədir: hər tərəfə döndümsə, yenə də polislərin dalımca gəldiyini gördüm. Mən bunun çarəsini dünən axşamdan düzəltmişdim. Özümlə çarşaf, bir də müsəlman qadınları geyən başmaq götürmüşdüm. Nikolayevski küçədə az qalmışdı məni tutsunlar. Aralıq qarışdıqda özümü bir təhər Hacı Hacağanın karvansarasına soxdum. Pilləkanların birisindən yuxarı çıxdım. Jandarmlar mənim hansı pilləkandan çıxdığımı təyin edincəyə qədər mən paltarımı dəyişib aşağı düşdüm. Bu vaxt onlar ağızlarını açıb o tərəf-bu tərəfə baxır, məni axtarırdılar. Onlardan birisi məndən yarırus, yarıazərbaycanca soruşdu: – Bacı, orada barişna var? Mən dilim ilə yox dedim, başım ilə isə var işarəsi etdim. Barmağımla da göstərdim. Onlar pişik kimi yuxarı dırmandılar. Birisi qapını kəsmişdi. Küçəyə çıxdım, gördüm ki, jandarmlar bir neçə yoldaşımızı tutub, bir yerə yığaraq aparırlar. Pavluşa soruşdu: – Nə üçün şəhərdən Sabunçuya qədər olan uzun yolda özünü mənə tanıtmadın? Jenya gülərək: – Jandarmları şübhələndirmək istəmədim, — dedi. * * * Bu gecə Pavluşa şəhərdən Sabunçuya qayıtmamışdı. Çox zaman Pavluşa vaxt keçdiyindən şəhərdəki yoldaşların evində gecələyirdi. Jenya evdə yalqız idi, çox darıxırdı, özü üçün bir məşğuliyyət axtarırdı. O, Pavluşanın kitablarını stolun üstünə yığıb, bir-bir gözdən keçirməyə başladı. Köhnə bir kitabı vərəqləyirkən gözünə kiçik bir kağız sataşdı. Kağızda bu cümlə yazılmışdı: «Jenyadan əl çəkib Katya ilə olmaq lazımdır». Jenya bu cümləni bir neçə kərə oxudu, halı tamamilə dəyişdi, vücudu titrəməyə, ağ üzündəki qırmızı ləkələr böyüməyə, üzünü örtməyə başladı. O indiyə qədər Pavluşanın başqa bir qızla tanış olduğunu bilmirdi. Lakin bu bir parça kağız «Katya» adında bir qızın da Pavluşa ilə tanış olduğunu göstərdi. Jenyanın Pavluşaya bəslədiyi dərin sevgi bu cümlə haqqında dərindən düşünməyə və həqiqəti aramağa imkan vermədi. Nə qədər çalışsa da, Pavluşa haqqında müsbət bir fikrə gələ bilmədi. Pavluşa ilə qurmaq istədiyi ailə həyatı fikrini rədd etmək qərarına gəldi. Cümləni bir daha diqqətlə gözdən keçirdi, öz-özünə dedi: «Mən bizi bir-birimizdən ayırmaq istəyən, bizim, qurmaq istədiyimiz ailəni pozmağa çalışan bu gizlin əli tapmalıyam!» Qısqançlıq nişanəsini Jenyanın bütün varlığından oxumaq mümkün idi. O, üzünə tökülən saçını barmaqları ilə acıqlı bir surətdə kənara atır, dodaqlarını dili ilə islədirdi. Qaşları arasından qalxan cizgilər daha da dərinləşirdi. Ürəyində indiyə qədər görmədiyi və adını eşitmədiyi Katyaya qarşı ədavət doğdu. Qalxdı, acıqlı-acıqlı gəzinməyə başladı. Kağızı cırıb atmaq istədi, lakin düşünərək öz-özünə dedi: «Yox, bu kağız mənim əlimdə möhkəm bir vəsiqədir. Bu vəsiqə, kişilərin yalançılığını isbat etmək üçün çox gözəl bir sübutdur». Oturdu, əllərini çənəsinə söykəyib, stolun üstünə qoyduğu kağızı dönə-dönə oxudu. Hərflərin hər birisində Pavluşanın üzünü gördü, həm də tanımadığı bir qadının şəklini təsəvvür etdi. Pavluşa ilə birlikdə keçirdiyi günlər bir kino lenti kimi xatirindən keçməyə başladı. Pavluşanın sevgi elanları xəyalında səsləndi. «Mən səni çox sevirəm» sözləri, onu öz sevgisinə inandırmaq üçün and içməsi Jenyanın qulaqlarında cingildədi. Kağızı kitabın arasında gizlədərkən Vasyanın ona Lermontovdan yazdığı: «Əlvida, ey çirkin, natəmiz Rusiya!» sərlövhəli şeri gördü. Kağızı onunla bərabər kitabın arasına qoymaq istədikdə, yazıların bir-birinə bənzədiyini təyin etdi. Yazıların ikisi də bir adam tərəfindən yazılmışdı. Jenya bunları bir kərə daha müqayisə edərək: «Bu da bizim iş yoldaşımız!» — deyə gözləri yaş ilə doldu. — «Bilmirəm onun bizi bir-birimizdən ayırmasının səbəbi nədir? Katya onun nəyidir? Katyanın məndən fəaliyyətli, məndən gözəl olduğunu bilsəydim, özüm aciz və dəyərsiz bir qız olsaydım, yenə də inciməzdim... Pavluşa məni yaxşı tanıyır. O, mənimlə məsul və qorxulu səfərlərdə iştirak etmişdir. Mənə tez-tez «Əziz yoldaş» deyərək əlimi sıxmışdır. Mən də boğazımdan kəsdiyim tikəni ona yedirtmişəm. Bununla belə onun mənə qarşı aldığı bu vəziyyətə heç cür məna verə bilmirəm». Sonra bir ah çəkib yenə öz-özünə dedi: «Kişilərin ruhunu oxşamaq, onlarla yoldaşlıq əlaqəsi düzəltmək nə qədər çətin imiş! Onların sevgi sözlərinə inanmağın özü də insanın öz-özünü təhqir etməsi deməkdir. Hələ mən sadə və çox tez inanan, özünü ələ ala bilməyən bir qız olsaydım, bu təhqir daha böyük bir miqyasda məni əhatə edəcəkdi. Şükürlər olsun ki, bizim aramızda olan sevgi söhbətləri yalnız sözdə qaldı, həyata keçmədi. Onun mənə sevgi elan etməklə bərabər başqa birisini sevməsi nə qədər ağır bir təhqirdir! Mən bir daha onu bağışlamayacağam. Kişilər qadının şıltaqçılığının həddindən artıq olmasından, kişinin imkanı xaricində tələblər verməsindən xoşlanırlar. Lakin mən belə olmadım, ola da bilmərəm, çünki mən kişilərə qadınların baxdığı gözlə baxmağı bacarmıram. Pavluşa isə mənim həddindən artıq səmimiyyətimdən istifadə edir... O nə kişidir ki, öz ixtiyarını Vasyanın əlinə tapşırmışdır? Hərgah onun ailə məsələsi başqasından asılıdırsa, hərgah Vasya kimilər cürət edərək: «Jenyadan əl çəkib Katyaya yanaşmalısan» deyəcəksə, daha danışmağa söz qalmır. Mən indi çox şadam ki, Pavluşaya əlimi əlinə almaqdan başqa bir imkan yaratmadım. Belə olmasa idi, o məni buraxıb getdiyi vaxt üzümə olmasa da, dalımca güləcək idi». Kağızı kitabın arasına qoydu, lakin Katya adını heç də unuda bilmirdi: «Bəlkə də Katya məndən gözəldir» — deyə ayağa qalxdı, güzgünün qabağına keçdi. Özünün tənasübi-əndamını, boy-buxununu diqqətlə gözdən keçirdi, sonra bir ah çəkərək dedi: «Mən kimdən əskik qızam? O məni nə üçün təhqir etdi? O məni öz boynunda ağır bir yükmü hesab elədi? Mən ondan acizəmmi? Mən özümə tapşırılan hansı bir vəzifəni yerinə yetirə bilmədim? Kim bilir, bəlkə də mən sevgidə tamamilə bacarıqsız bir qızam. Bəlkə də sevginin vəzifə və əqidə ilə əlaqədar olmadığını bilməmişəm. Mən yoxsul bir fəhlə qızıyamsa, onun özü də yoxsuldur, o inqilabçıdırsa, mən də onun yoldaşıyam...». Jenya bu fikirlərdən yoruldu, onda bir dönüş yaranmağa başladı. «Mən nə üçün qısqanıram. Madam ki, o Katyanı sevir, mən onu bu sevgisindən məhrum etməyə, məni sevməyə məcbur eləməyə haqlıyammı? Pavluşa haqqında nə üçün düşünür, rahatsız oluram? Sönmüş sevgini alovlandırmaq olurmu? Görünür ki, Pavluşa mənimlə ailə qurmağı lazım görmədi. Eybi nədir, sevgimiz olmasa da, yoldaşlıq sədaqətimiz vardır, biz bir əqidə üzərində çalışırıq». Jenya bu sözlərini sanki yanında oturan bir adama söyləyir, ucadan danışırdı. Onun səsini bu biri otaqda oturan ata-anası da eşitdi və Jenyanın yanında bir başqa adamın olduğunu zənn edərək içəri girdilər. Jenya onları: – Dərnəyə hazırlaşıram, — deyə yola saldı və lampanın işığını azaldıb yatağına girdi. Lakin səhərə kimi yata bilmədi. Sanki dünyanın bütün əqrəbləri, ilanları onun yatağına dolmuşdu. * * * Pavluşa nə qədər düşünürdüsə, bu tezlikdə Jenyada olan dəyişikliyə heç bir məna verə bilmirdi. Özündə heç bir nöqsan görmürdü. Jenya da nə səbəbə küsdüyünü söyləmirdi; dinmir, danışmır, suallara olduqca qısa və kinayəli cavablar verirdi. Buna görə də Pavluşanın qadınlar haqqındakı düşüncəsi tamamilə dəyişdi. O, artıq qadınların düşüncədən qısqandığına, xəyaldan küsdüyünə, şıltaqçı bir ünsür olduğuna inanmağa başlamışdı. Bir gün də Jenyadan soruşdu: – Bu soyuqluq nə üçündür? Məndə bir nöqsanmı gördün? Sənin bu səbəbsiz küsməyinə tamamilə başqa cür baxıram, başqa cür də məna verirəm. Jenyanın cavabı çox qısa oldu: – Adətdir, kişilər hər şeyə istədikləri mənanı verirlər. Bu cavab Pavluşanı qənaətləndirmədi. – Bu səbəbsiz küsmələr məni buradan uzaqlaşdırmaq üçünsə, onu yoldaşcasına söyləmək mümkündür. Görünür ki, mənim varlığım artıq səni iyrəndirməyə başlamışdır. Jenya tələsmədən dedi: – Bunu mən özüm bilirəm. Onu da sənə deyim ki, bir daha bu cür söhbətlər təkrar edilməyəcəkdir. Səninlə gələcək əlaqəmiz vəzifə barəsində olmalıdır. Bəsdir, filosofluq etdiksə, bir nəticə əldə edilmədi. Artıq bizim vəziyyətimiz bu cür filosofluğa imkan vermir. Pavluşa soruşdu: – Nə kimi filosofluq? – Bir-birimizi təhlil etdiksə də, yanıldıq. İki şeydən birisidir: ya biz filosof deyilik, bu barədə savadsızıq, ya da fəlsəfənin özü xülyapərəstlikdir. Hər kəs bir-birinə müəyyən bir fikirlə yanaşırmış. Kişilər qadınlara, qadınlar kişilərə, böyüklər kiçiklərə, kiçiklər də böyüklərə... Bizim yaxınlığımızın nəticəsi belə çıxdı. Hərgah həqiqət bundan ibarətsə, bizim bir-birimizdən ayrılmağımız heç birimizi düşündürməməlidir. Pavluşa dedi: – Demək, sən məndən ayrılmaq istəyirsən? Jenya başını silkələyib, sarı saçlarını alnından geri atdı. Qəti və mənalı bir baxışla: – Onsuz da mən səninlə birləşməmişdim! Bir qız kimi söz vermişdim, avam bir qız kimi də aldanmışdım! — deyib bayıra çıxdı. Bu hal bir neçə həftə davam etdi. Jenyada bir dəyişiklik görünmürdü. Pavluşa çıxılmaz bir vəziyyətdə qalmışdı. Sergey Vasiliç və arvadı Anna da bu məsələni aydınlaşdırıb, qızlarının qəlbini öyrənməyi bacarmırdı. Günlərin birində Pavluşa şəhərə köçmək üçün şeylərini yığışdırmağa başladı. Bu vaxt Sergey Vasiliçin ailəsi nahar edirdi. Pavluşanı yeməyə çağırdılar, getmədi, çünki həmişə Pavluşa süfrəyə yanaşanda Jenya qalxıb gedirdi. Pavluşa şeyləri qoltuğunda olduğu halda: – Salamat qalın! — dedi. — Verdiyim əziyyətlər üçün üzr istəyirəm. Sergey Vasiliçin arvadı Anna ağladı. Sergey Vasiliç də Jenyanın üzünə baxıb narazı halda başını silkələdi. Jenya qolunu gözləri üstünə qoyub süfrədən qalxdı. Pavluşa qapıdan çıxanda Jenya da ağlaya-ağlaya öz otağına çəkilirdi. Beləliklə, Pavluşa Jenyadakı dəyişikliyin səbəbini bilmədən getdi. * * * Jenya yolunu «azmışdır» Jenya 1902-ci ilin may nümayişindən sonra qudurğan Bakı polisinin diqqətini daha artıq cəlb etmişdi. O, daha ata-anası yaşayan evdə də yaşaya bilmirdi, çünki polis və jandarmlar evi tez-tez axtarırdılar. O, paltarını dəyişərək Bakı polisinin nəzərindən çox uzaqda gəzirdi. O, Ladonun mühüm bir fikrini həyata keçirmək üçün çoxdan bəri hazırlaşırdı. Onu ancaq ev qulluqçuları sırasında görmək olurdu. Ev qulluqçuları ilə bərabər gedər və başqa yerlərdə əylənərdi. Onu bu kimi yerlərdə bir kərə Əsgər, bir kərə də Pavluşa özü görmüşdü. O özünü Bakı polisinə tamamilə unutdurmaq üçün yoldaşları ilə az görüşürdü. Bu gün Pavluşa Jenyanın son hərəkətləri haqqında danışmaq üçün Sabunçuya getmişdi. Jenya təşkilatın bütün göstərişlərinə əməl edir, təşkilatdan izinsiz bir addım belə atmırdı. Bununla bərabər, onun hərəkətləri Pavluşaya xoş gəlmirdi. Qısqançlıq Jenya haqqında olan müsbət fikirlərinə qalib gəlirdi. Jenyanın ata-anası onu çox böyük bir məhəbbətlə qəbul etdi. Keçən günləri, Pavluşa ilə bir yerdə yaşadıqları günləri xatırladılar. Pavluşa xoş-beşdən sonra əsil məsələyə keçdi: – Jenya daim ev xidmətçiləri ilə bərabər olur, bilmirəm onlardan nə öyrənə bilər? Adam gərək tayını tapsın. İstəyir ki, onlar onu düz yoldan azdırsınlar? İşləməyin də bir qaydası var. Ev qulluqçularının hamısı əyri yoldadır. Onlar, heç şübhə yoxdur ki, bir gün Jenyanı öz günlərinə salacaqlar. O zaman Jenyanı geri qaytarmaq çox çətin olacaqdır. Siz bilirsiniz ki, o yollar gedər-gəlməz və geriyə dönməz yollardır. Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. Sergey Vasiliç işdən təzəcə gəlmişdi. O, trubkasını hazırlayıb dişinə aldı: – Oğlum, — dedi. — Sən bunları Jenyanın özünə deyə bilmirsənmi? Pavluşa: – O, mənə yaxın gəlmir, — dedi. — Bir kərə küçədə mənə rast gəldi, üzünü çevirdi. Neçə aydır ki, mənimlə danışmır. – Nə üçün danışmır? – Mən nə bilim? Onun qəlbində deyiləm ki... – Bəs indiyə qədər səbəbini öyrənə bilmədin? – Haradan öyrənim? Siz Jenyanı tanımırsınızmı? Onun nə qədər inadlı olduğunu bilmirsinizmi? Pavluşa sözlərini bitirib, gözlərini Sergey Vasiliçin gözünə dirədi, ondan müsbət bir cavab gözləyirdi. Sergey Vasiliç trubkasını sümürür, düşünürdü. Nəhayət Jenyanın anası sözə başladı: – Pavluşa doğru deyir. Qız tayfası nədir, belə-belə işlər nədir? Mən bilirəm ki, qızı yoldan azdıracaqlar. Qızın belə-belə işləri axırda bizim başımızı xalq arasında yerə soxacaqdır. Sergey Vasiliç trubkasını külqabına çırpıb dedi: – İkiniz də səhv edirsiniz. Qıza yoldaş lazımdır. O qızdır, qızlarla da gəzməlidir. Mənim qızım ilə varlı, milyonçu qızları heç vaxt gəzməzlər. Qapı açıldı, Jenya içəri girdi. Bazar günü olduğu üçün gizlin gəlmişdi, — ata-anasını görüb gedəcəkdi. Pavluşa öz-özünə dedi: «Çox yaxşı oldu, burada həm Jenya ilə barışarıq, həm də lazımi sözləri deyərəm». Jenya Pavluşanın əlini etinasızcasına sıxdı, anasının yanında oturdu. Anası onun saçlarını sığallayaraq: – Qızım, — dedi, — Pavluşa bilirsən nə deyir? Jenya parlaq gözlərini onun gözlərinə dikib soruşdu: – Nə deyir? – O deyir ki, Jenya həmişə ev xidmətçiləri ilə gəzir. Deyir ki, onlar Jenyanı düz yoldan çıxara bilərlər. Jenya acı-acı güldü: – Bunu Pavluşamı dedi? – Əlbəttə ki... Pavluşa özgəsi deyil ki... – Anacan, qəlbin sınmasın, sənin də, Pavluşanın da fikri köhnədir. Əvvələn, mən özümü idarə etməyi bacarıram. Pavluşanın çürük tərbiyəsinə möhtac deyiləm. İkincisi də, mən qoşulduğum qızların hamısı bizim ailənin vəziyyətində yaşayan ailələrin qızlarıdırlar. Onların hamısı mənim dərdlərimi başa düşür. Mən kişilərlə yoldaşlıq edib bir vəzifə daşıdığım üçün kişiləşmədim ki! Mənə də qızların söhbətləri lazımdır. Mən onların söhbətlərindən həzz alıram. Nə varlıların qızları mənə, nə də mən varlıların qızlarına qoşulanam! Bu söhbət bitməmişdi ki, Əsgərlə Vasya gəldilər. Pavluşa danışmırdı, Jenyanın qəti cavabından qorxurdu. Əsgər əlini Pavluşanın çiyninə qoyub dedi: – Sən gərək açıq danışasan. Mən özüm sözü açıq deyən bir adamam. Sən yalnız qısqanırsan. Biryolluq belə də deməlisən. Sən hələ inqilabçı olmamısan. Jenya səni sevməklə, səni adam bilib, səninlə yoldaşlıq etməklə o səni satınalma qulun olmur ki... O sənə hər iş üçün haqq-hesabmı verəcəkdir? Sənin bu xasiyyətinə görə Jenya da səndən uzaqlaşır. Sən, yoldaş Pavluşa, sevməyin və yoldaş olmağın qaydasını bilmirsən. Mən bir dəfə də olsun sənin Jenya ilə görüşəndə başqa söz danışdığını görməmişəm. İndi yazıq qız haqqında gör nələr danışırsan. Buna görə də Jenya səni görəndə ilanı görən kimi qorxub qaçır. * * * Bazar günü idi. Jenya yenə də şəhərin mərkəzindən uzaqda, ev qulluqçuları ilə bərabər karusel ətrafında dolaşırdı. Qızların hər birinin bir tanışı var idi. Jenyanın oğlan tanışı yox idi. Serafima Jenyaya dedi: – Jenya, sən mənim əmim oğlu ilə tanış olmaq istəmirsənmi? Jenya dönüb Serafimaya baxdıqda onun yanında bir nəfər onbaşı gördü. – Nə üçün istəmirəm, — dedi və əlini uzadıb tanış oldu. — Klavdiya! Onbaşı iki stəkan tum alıb qızlara payladı. Hamısı bir tərəfə çəkilib karuseldə yellənənlərə tamaşa etməyə başladılar. Jenya onbaşı Pavlovdan soruşdu: – Siz bura tez-tezmi gəlirsiniz? – Rica edirəm mənə «siz» deməyəsiniz, sadəcə «sən» deyiniz. Bu daha səmimi olar. Biz yoldaşıq, bir yoldaş kimi də danışsaq yaxşı olar. Bəli, mən bura çox tez-tez gəlirəm. – Bağışla, sənin adın nədir? – Rəhmətlik anam məni Volodya deyib çağırardı. — Sonra gülümsəyərək Jenyadan soruşdu: — Sən bu Serafima ilə nə cür tanış oldun? – Bunu nə üçün soruşursan? Vladimir: – Çünki sən başqa, Serafima isə tamamilə başqa təbiətli bir qızdır, — dedi. — Sənin danışığın, tərbiyən tamamilə başqa bir adam olduğunu göstərir. Jenya Vladimirin sözlərindən şübhələnməyə başladı: – İnsanların hamısı birdir! — dedi. — Tərbiyə işi nəsli və irsi bir iş deyildir. Müxtəlif tərbiyədə olan insanlar müxtəlif paltarlı adamlar kimidir. Hər kəs hər paltarı geyməyi bacardığı kimi, öz tərbiyəsini də dəyişə bilir. Buna görə də Serafimanı dəyişdirmək mümkündür. O uşaqlıqdan gənclik dövrünə təzə-təzə qədəm qoyur. Vladimir Pavlov olduqca dərin düşüncəyə daldı, tum çırtlamaq üçün ağzına tərəf apardığı əli hərəkətsiz qaldı. Bir az sonra Jenyaya dedi: – Əfv edin, fikrim başqa bir məsələ ilə məşğul oldu. Buna görə də sualın cavabını unutdum. Mən əslində kəndliyəm — Kama çayı sahilində olan Derveşka kəndində doğulmuşam. Ailəmiz hazırda Perm şəhərində yaşayır. – Çox gözəl! Evlisinizmi? – Bəli, evliyəm. Arvadım da çox gəncdir. Bir uşağım da vardır. Ailəmi də çox sevirəm. Onların fikri məni çar soldatlığı vəzifəsindən daha artıq əzir. Qoynundan bir kiçik dəftər çıxartdı. Dəftərin arasında bir qadın və üç yaşlarında gözəl bir uşaq şəkli var idi. – Baxınız! — dedi — Mənim bədbəxt ailəm, yoxsul ailəm bunlardan ibarətdir. — Şəkli dəftər arasına qoydu, yaylığını çıxarıb gözünün yaşını sildi. Bu hal Jenyanı da ağlatdı. İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. Jenya dedi: – Heç də darıxma. Yaxında hərbi vəzifəni bitirər, yenə sevimli ailənə qovuşarsan. Yenə də birlikdə yaşayarsınız. Vladimir başını titrətdi. – Sən orasını yəqin bil, mən onlara qovuşanacan onlar məhv olub gedəcəklər. – Nə üçün? – Çünki onlar ağır bir ehtiyac içərisində yaşamaqdadırlar. Heç kimsəmiz yoxdur. Qardaşım Yaroslavl tətillərində küllələnmişdir; onun ailəsi də bizim öhdəmizdədir. Məni soldat götürdükdən sonra atam da ehtiyac və aclıq içərisində məhv olub getdi. Hazırda yazıq uşağım və arvadım onun-bunun qapısındadırlar. Arvadım varlı evlərinə işləməyə, paltar yumağa gedir. Yəqin ki, sən varlıların işçi qadına, xüsusən gənc qadınlara nə cür baxdığını bilmirsən?.. Sən mənim bədbəxt arvadımın şəklini gördün, hərgah varlı ailələrdə olan həyasızlıqdan xəbərdar olsaydın, mənim arvadımın necə həyat keçirdiyini təsəvvür edə bilərdin. Dünən arvadımdan aldığım məktubu oxuduqdan sonra özümü öldürmək istədim, lakin şəkli çıxarıb onları öpmək, vidalaşmaq istərkən, sanki arvadım məni uzun və sarı saçları ilə bu rəzil və bədbəxt həyata bağladı, sanki şəkil mənə deyirdi: «Volodya, bu uşağa rəhmin gəlsin! Özünü öldürmə!». Pavlov Vladimir bu sözləri deyərkən ağladı. Jenya onun göz yaşlarına göz yaşı ilə cavab verirkən, sanki Lado onun qarşısında durub dedi: «Bizim sinif qardaşlarımız fabrikalarda və zavodlarda olduğu kimi soldat kazarmalarında da vardır. Biz onları tapmalı, onların arasında da iş aparmalıyıq». Qəmli bir səs Jenyanı düşüncəsindən ayırdı. O səs Vladimirin səsi idi. O, qadınından aldığı məktubu Jenyaya verərək: – Alın oxuyun, — dedi — burada bir gizlin söz yoxdur. Jenya da məktubu alıb oxudu: «Əzizim və sevgilim Volodya! Mən də, Vitka da salamat yaşayırıq. Mənim ikinci məktubumu almamış məktub göndərmə, çünki məni olduğum evdən çıxartdılar. Ağanın oğlu məni rahat buraxmadı. Mən bu barədə ağaya və xanıma şikayət etdim, xanım bunun üçün mənə acıqlandı və işdən çıxarıb qovdu. Belə məlum olur ki, onlar oğlanlarının xəstə qadınlarla gəzməməsi üçün cavan ev qulluqçuları saxlayırmışlar. Volodya, sən heç də əsəbiləşmə. Mən ölsəm də o cür namussuz işlərə yol verməyəcəyəm. Volodya, sən yazmışdın ki, mənim paltarlarımı sat, uşağa xərclə, mən acından ölsəm də sənin paltarlarını sata bilməyəcəyəm. Fikrim, yığışıb Piyanibor kəndinə getməkdir. Orada bibim qızı vardır. Bir təhər yaşaya bilərəm. Hazırda kilsə həyətinə köçmüşəm. Bu gün keşişin əmrinə görə diyak qorodovoyu gətirib məni həyətdən çıxarmaq istədi. Bir gün möhlət aldım. Piyanibora getmək üçün üç manat yarım pul lazımdır. Bir dənə artıq balış ilə ayaqqabını satdım, köçüb gedirəm. Kağızımı gözlərsən. Sənin Zinan. 25 iyul 1902-ci il». Jenya məktubu oxuduqdan sonra, qaytarıb Vladimirə verdi. – Belədir, — dedi, — hökumət heç vaxt yoxsul ailələrdən yığdığı soldatların ailə vəziyyətini nəzərə almır. Çar üçün yalnız soldat özü lazımdır. Soldatın ailəsi necə dolanır, nə yeyir — bu onun vecinə deyil. Vladimir, heç şübhə yoxdur ki, sən Rusiyadakı tətilləri və inqilabi hərəkatı eşidirsən. Tətillər və inqilabi hərəkatlar ona görə olur ki, xalqa edilən zülm get-gedə şiddətlənir. Gedən mübarizə minlərlə Volodyaların bədbəxt Zinasına azadlıq vermək üçündür. Vladimir bu cür sözü heç də Jenyadan gözləmirdi, buna görə də onu heyrət götürdü. Jenyanın gözlərinə baxaraq: – Doğrudur, — dedi, — mən Bakı qarnizonundayam. Hərdənbir qışlamıza intibahnamələr atırlar, onlardan mənim də əlimə keçir. Sən belə intibahnamələrlə maraqlanırsanmı? – Sən özün necə, maraqlanırsanmı? – Maraqlanmasaydım, o cür qorxulu bir şeyi yanımda gəzdirməzdim. – Onu nə üçün öz yanında gəzdirirsən? – Yeri düşdükcə, lazımi adamlara oxumaq üçün. – İndi o sənin yanındadırmı? – Yanımdadır, oxumaq istəyirsənmi? – İstəyirəm! Vladimir uzunboğaz çəkməsinin üzü ilə astarı arasında gizlətdiyi intibahnaməni çıxarıb Jenyaya verdi. Jenya onun məzmununu oxumamışdan bilirdi, çünki Ladonun təşəbbüsü ilə düzəldilmiş və gizli mətbəədə çap olunmuş vərəqələri götürüb lazımi yerlərə özü paylamışdı. * * * Jenya Vladimir ilə olan tanışlığı barəsində Lado və sair yoldaşlara danışdı və gələcəkdə necə rəftar edəcəyi haqqında göstəriş aldı. Jenya ikinci bazar günü yenə də Vladimir ilə görüşdü. Vladimir Jenyanı öz yoldaşları ilə tanış etdi. Bu gün onlar qərara aldılar ki, bir yerdə toplanıb danışsınlar. Onlar vaxtı təyin etdikdən sonra, ayrılıb Bibiheybət dağında çağırılmış iclasa getdilər. Jenya da Əsgər, Vasya, Ayrapet və sair yoldaşlarla bərabər Bibiheybət dağına yola düşdü. Yığıncağa gələnlərdən heç birisi söhbətə əvvəlcə başlamağa cəsarət etmirdi. Sözə Jenya başladı: – Bu iclas bizim inqilabi həyatımızda birinci və tarixi iclasdır. Yoldaşlar, bütün Rusiyanın fəhlələri «Rədd olsun çarizm!» — deyə ayağa qalxmışdır. Çar hökuməti, vəziyyətin ağırlığını hiss edərək, inqilabçı xalqı öz qanı içində boğmaq çarəsini düşünməkdədir. Bu da millətlərin qardaşlığını pozmaq təşəbbüsündən ibarətdir. Yəhudi talanları inqilab hərəkatını boğmaq üçün çar polisinin düşündüyü çarələrdən biridir. Rusiyada və Polşada baş verən inqilabi hərəkatda soldatlar da iştirak etməkdə və zəhmətkeş kütlələrin hüququnu müdafiə etməkdədirlər. Bunları nəzərə alaraq, Bakı qarnizonunun soldatları zəhmətkeşlərin çıxışlarına yardım göstərməli və çar hökumətinin Zaqafqaziyada apardığı xain siyasətə qarşı çıxan qüvvələrlə əlbir işləməlidirlər. Yoldaşlar, ancaq inqilabın qalib gəlməsilə, yüz minlərlə fəhlə və kəndlilərdən ibarət olan soldatlar mülkədar, kübar balalarından ibarət çar zabitlərinin təhqiri altından çıxa biləcəklərdir. Ancaq inqilabi hərəkatın qalib gəlməsi ilə fəhlə, kəndli azad olacaqdır, kapitalistlərin mənfəəti üçün artıq qan tökməyəcək, özünü qurban verməyəcəkdir. İnqilabın qalib gəlməsilə Sibirə və Rusiyanın başqa şəhərlərinə sürgün edilən minlərlə inqilabçılar azad olacaqdır. Yoldaşlar, aparılan mübarizə, fəhlələri şiddətli istismardan qurtarmaq, kəndliləri həris mülkədarların zülmündən azad etmək, soldatları və onların ailələrini nəhayətsiz zülmdən qurtarmaq üçündür. Jenya qurtardıqdan sonra Vladimir Pavlov ətraflı danışdı, soldatlar arasında inqilabi hərəkata rəğbət hisslərinin çoxaldığını bir çox faktlarla göstərdi. Ayrapet, Vasya, Məmməd, Əsgər də söz alıb danışdılar. Sonra soldatlar sual verməyə başladılar. Sualların bir çoxundan soldatların siyasi məsələlərdən tamamilə xəbərsiz olduğu görünürdü. Soldatlar başqa millətlərlə qardaş olmaq, ümumi qüvvətlə çar əleyhinə mübarizə aparmaq sözlərinə çox təəccüblə qulaq asırdılar. Soldatlar qışla həyatından, zabitlərin təhqirindən cana gəldiklərini söyləyirdilər. Vladimir Pavlov və Jenya soldatların suallarına cavab verir və onları qane edirdilər. İclas qurtardıqdan sonra yeni intibahnamələr buraxılması haqqında bir qərar qəbul edildi və iclas günləri təyin olundu. * * * Fındıqsatan Kazakların içərisinə intibahnamə paylamaq məsələsi müzakirə ediləcəkdi. Jenyanı axtarmaq və iclasa gətirmək lazım idi. Pavluşa bunun üçün Sabunçuya getmişdi. Jenyanı tapmamışdı. Vasya dedi: – Bir saat bundan əvvəl mən onu soldat bazarında gördüm. Əsgəri göndərmək istədilər. Pavluşa özünü qabağa verdi: – Mən gedib taparam. O, Jenya ilə görüşmək və danışmaq üçün bir fürsət axtarırdı. Pavluşa onu çox axtarmadı. Onu ev qulluqçuları yanında tapdı. Oturub tum çırtlayırdılar. O, özünü görməməzliyə vurdu, bir neçə kərə o tərəf-bu tərəfə keçdi. Jenya onun bir məqsəd üçün gəldiyini və yanaşmağa cəsarət etmədiyini anlayaraq yanına çağırdı: – Burada nə axtarırsan? — deyə soruşdu. Pavluşa: – Vasyanı və Əsgəri axtarıram, — dedi. – Sən bilmirsən ki, onlar dəmiryol emalatxanasında işləyirlər? – O tərəfləri axtarmışam, bu gün nədənsə işə çıxmamışdılar. Dedim bəlkə burada olarlar. Jenya cibindəki tumdan bir ovuc da Pavluşanın ovcuna tökub dedi: – Otur, burada başqa həyat vardır. Burjuaziyanın istismarı nəticəsində var-yoxdan çıxanlar, öz zəhmət qabiliyyətini itirənlər, müharibələrdə, fabrik-zavodlarda şikəst olanlar, qol-qıçlarını itirənlər tamamilə buradadırlar. Məhv olmuş fəhlələrin yetim qalmış qızlarını, oğlanlarını da burada görmək olar. Pavluşa, buradakıları öyrənmək lazımdır. Gözü olan adam üçün bura bir dərnəkdir. Biz buradakı başıpozuq və təşkil olunmamış əməkçilər içərisindən də özümüzə yoldaşlar axtarmalıyıq. Sənin kimi yanlış düşünənlər ideyalarımızı geniş kütləyə heç vaxt tanıda bilməz. Pavluşa, məndən incimə! Heç olmazsa özünü idarə etməyi və səni sevən adamlarla yoldaşcasına rəftar etməyi öyrən. Sən gecə-gündüz səninlə bir damın altında yaşayan, bütün varlığını sənin əlinə tapşırmağa hazırlanan bir qızı belə özündən qaçırdın. – Jenya, and içirəm ki, mən indiyə qədər məndən nə səbəbə küsdüyünü təyin edə bilmirəm. – Gəl bu barədə danışmayaq, ancaq sən arxayın ol, öz qəlbini möhkəm saxla. Sən bilirsən ki, mən heç vaxt əyləncə aləti olmayacağam. Mənim bədbəxtliyim orasındadır ki, öyrəndiyim bir adamı çox çətinliklə yaddan çıxara bilirəm. İndi əgər sən mənim yanıma bir iş üçün gəlmisən, söylə, yox görüşmək məqsədi ilə gəlmisənsə, danışdığımız kifayətdir. Salamat qal! Gələcəkdə də məni burada görə bilərsən. Ancaq bunu da bilməlisən ki, ürəyim səndən sınmışdır. Bu ürəyi düzəltmək üçün danışılan sözlər saqqız çeynəmək kimi bir şeydir. Saqqızdan insanın mədəsinə bir şey getmədiyi kimi, boş sözlərdən də insanın beyninə bir şey girməz. Mən buradan əl çəkməyəcəyəm, bura həyatın bir məktəbidir. Burada burjuaziyanın etdiyi zülmün bütün tablolarını görə bilirəm. Mənim inadım, mübarizə düşüncələrim burada daha da qüvvətlənir. Pavluşa məqsədini söyləmək qərarına gəldi. – Mən bura bir məqsəd üçün gəldim... kazaklar arasında iş aparılması üçün müşavirə çağrılmışdır. Yoldaş Lado səni də müşavirəyə çağırır. Bu zaman Serafima Jenyaya yanaşıb, qulağına bir söz pıçıldadı, Jenya həyəcanla qalxdı, Pavluşaya dedi: – Get, gələrəm! Pavluşanı heyrət götürdü. Bu qız nə dedi? Jenya hara getmək istəyir? Onların ardınca düşdü. On dörd nəfər soldatı tutub gətirirdilər. Jenya Pavlov Vladimirin onların içində olub-olmadığını bilmək istəyirdi. Lakin Pavlov, yolda onlara rast gəlib əllərini sıxdı və birlikdə dustaqların dalınca getdilər. Pavluşa Jenyanın soldatlar arasında işlədiyini bildiyi üçün Pavlov ilə görüşdü, Jenyanın onunla bərabər getməsindən heç də qısqanmadı. Tutulan soldatlar bir neçə gün əvvəl iclasda iştirak edən soldatlar idilər. * * * Pavluşa gizli mətbəədə idi. O, bir neçə adamla intibahnamə aparmağa gəlmişdi. Jenya gec gəldi. O, çox solğun və həyəcanlı idi. Səbəbini soruşdular. İnqilabçı soldatların tutulduğunu söylədi. Hər kəs öz hissəsinə düşən intibahnamələri götürüb lazımi yerlərə apardı. Kazaklar arasında intibahnamə yayma işi üstündə böyük mübahisə başlandı. Hər kəs bir cür təklif etdi. Jenya söylənən fikirlərin heç biri ilə razılaşmırdı. – Mən gərək vərəqələri kazakların öz əlinə tapşıram. Mətbəədəkilər bu sözə güldülər. Pavluşa da bu sözə təəccüb etdi: – Sən çaşmısan, nədir? Necə yəni «vərəqələri kazakların öz əlinə tapşıram?» Sən onları nə vasitə ilə kazakların öz əlinə tapşıra bilərsən? Jenya çox soyuqqanlı və çox da sakit bir surətdə cavab verdi: – O mənim öz işimdir! Semyon sözə qarışdı: – İndi ki, yoldaş cəsarət edərək bunu öhdəsinə alır, bu onun öz işidir! Vasya ilə Pavluşa erməni və rus dilində çap olunmuş 2100 nüsxə intibahnaməni götürüb lazımi yerinə aparmaq istəyirdilər. Pavluşa bir neçə kərə Jenya ilə danışmaq istədisə də, Jenya cavab vermədi, çünki vaxtı yox idi. Nəhayət, Pavluşa mətbəədə işləyən qadına: – Katya yoldaş, bir az tez ol! – dedikdə, Jenya iki ildən bəri zəhərli xatirəsi ilə qovrulduğu məktubu bir daha xatırladı: «Jenyadan əl çəkib Katya ilə olmaq lazımdır!». Jenya bir Pavluşaya, bir də Katyaya baxdı, onun tükləri biz-biz oldu, sanki onun başına bir qazan qaynar su tökdülər, tərlədi, bədəni titrədi, öz-özünə dedi: «Katya budurmu? Mənim yoldaşımı əlimdən alan bu məlundurmu?». Jenyanın gözlərindən çıxan alov Katyanı yandırmaq istəyirdi. Katya intibahnamələri Jenyaya təhvil verirkən, Jenya onları Katyanın əlindən acıqla dartıb aldı: – Ver bura! İnsan yaşadıqca nə pis sifətlər görür! Mətbəədə olanlar Jenyanın bu hərəkətinə təəccüb etdilər. Katyanın özü də Jenyanın bu hərəkətinə heyrət etdi, gülümsündü: – İnqilabçı qız işin ağırlığından, ya da vəzifənin məsuliyyətindən əsəbiləşmişdir, – dedi. Jenya daha danışmadı və heç kəsin üzünə baxmadı. Jenya Voronsovski küçə ilə gedirkən tində duran və bığlarını tumarlaya-tumarlaya gəzinən qorodovoy onu paltaryuyan bir qız zənn etdi. Qorodovoy Jenyanın əlindəki yuyulmuş ağ paltar boğçasına deyil, özünə baxırdı. * * * Səhər tezdən kazak qışlası qabağında fındıq, şabalıd, günəbaxan tumu və bulka satan alverçi qadınlar cərgəsində gənc bir qız da durmuşdu. Bu qız fındığı öz qiymətindən ucuz satdığı üçün köhnə alverçilər onu burunlamağa başladılar. – Bazarımızı xarablama! – Biz bazarın qiymətini bilirik. Nə üçün malını mayasına satırsan? – Xalqın bir parça çörəyinə mane olma! – Səndən alverçi çıxmaz! Bu qiymətə mal satsan, bir neçə gündən sonra ayağında tumanın da qalmaz. – İşin yoxdursa, bir yaxşı ev bilirəm, səni ora qulluqçu düzəldərəm. Alveri bacarmırsan. – Nə üçün tələsirsən? Axşama qədər hamısı satılacaqdır. – Mən bilirəm ki, sən malı satdığın qiymətə almamısan... Jenya bu sözlərin heç birinə əhəmiyyət vermirdi. Qışladan çıxan kazakların hamısı: Təzə alverçi qız gözəldir! – deyə onun ətrafına toplanırdı. Jenya tez-tez fındığı intibahnamələrə doldurub verirdi. Alverçi qadınlardan Dunya Jenyanın bu hərəkətinə dözə bilmədi, onu o ki lazımdır söydü və qışlanın qabağından qovmaq istədi, başqa alverçi qadınlar da ona kömək etdilər. Jenya onlara çox mülayimliklə deyirdi: – Mən malı ucuz almışam, ucuz da satacağam. Qazancım olur. Kazaklar da yoxsuldurlar, onların dərisini soya bilmərəm ki! Alverçi qadınlardan Manya onun qabağındakı səbəti götürüb dedi: – Hamısını bir yerdən çəkib ver mənə! – Jenyanın yanındakı intibahnamələri də qamarladı. – İndi ki, fındıqları verdin, kağızları da ver! Jenya səbətini götürüb gedəndən yarım saat sonra, qışlanın qabağında alver edən rus qadınlarının hamısını tutub jandarm idarəsinə apardılar. Kazaklar arasına yayılmış siyasi vərəqələrdən ancaq əllisi jandarmların əlinə keçmişdi. Qalanlarını kazaklar bir-birinə ötürüb gizlətmişdilər. * * * Həqiqət meydana çıxdı Jenyanın iştirak etdiyi siyasi dərnəyin rəhbəri dəyişilmişdi. Sibirdən təzəcə qayıtmış, gizli mətbəədə çalışan Katya dərnəyə rəhbər təyin olunmuşdu. Katya dərnəyə təyin olunandan bəri Jenya hər məşğələ zamanı ona cürbəcür suallar verirdi ki, bunların da dərnək məşğələləri ilə əsla əlaqəsi yox idi. Bu günkü məşğələnin mövzusu Rusiyada xalqçıların xətt-hərəkəti idi. Jenyanın verdiyi suallar isə sosializm cəmiyyətində ailə vəziyyəti və ailə quruluşu haqqında idi. Məsələn, Katya Lenin ilə Martov arasında gedən mübahisələrdən danışarkən Jenya ona belə bir sual verdi: – Yoldaşının ailə həyatında pozğunluq törədən bir partiya üzvü haqqında nə demək olar? Katya bu sualları cavabsız buraxa bilməzdi, çünki dərnəkdə Jenyadan əlavə başqa qadınlar da var idi. Buna görə də Katya birinci olaraq Jenyanın əvvəlinci sualına cavab verdi: – Sosializm cəmiyyətində ailə vəziyyəti və ailə quruluşu haqqında uzun-uzadı danışmaq lazım gəlir. Jenya yoldaşın sualına cavab olaraq, deməliyəm ki, ailədə bərabərsizliyin ləğvi sosializm cəmiyyəti ailəsinin birinci şərtlərindəndir. İkinci sual haqqında isə bunu deyə bilərəm: Partiya, yoldaşının ailə həyatında pozğunluq törədən bir partiya üzvünü, şiddətlə məzəmmət edər. Lakin hələlik sosializm tərbiyəsi almamış olan bir çox yoldaşlar vardır ki, onlardan sosializm cəmiyyətindəki rəftar və intizamı tələb etmək olmaz, çünki onlar hələlik sosializmin əsas məsələlərini keçməmiş və həmin cəmiyyətə aid tərbiyəvi məsələni çox az eşitmişlər. Katya sözünü bitirməmiş, Jenya ona daha bir sual verdi: – Gündə birisini sevən bir qadın haqqında nə deyə bilərsiniz? Katya cavab verdi: – Hərgah sevgisi sağlam yoldaşlıq sevgisidirsə, onu təbrik etmək lazımdır. Jenya bir sual da verdi: – Hərgah bir zamanda bir neçəsini sevərsə və bir neçəsini aldatmış olarsa, elə bir inqilabçıya nə demək olar? – Əlbəttə ki, elələri inqilabçı yox, fırıldaqçılardır. Bu günkü dərnəyin iclasında Vasya, Əsgər, Ayrapet və sairləri də var idi. Onlar Jenyanın bu kimi yersiz suallarla dərnək rəhbəri Katyanın vaxtını aldığını hiss edərək sualların kəsilməsini təklif etdilər. Məşğələ bitdi. Jenya ilə Katya dərnəkdən birlikdə çıxdılar. Xeyli yol getdilər. Jenya Katyanı dindirmədi. O, daim öz fikrində kitab arasından götürdüyü kağızı oxuyurdu: «Jenyadan əl çəkib, Katya ilə olmaq lazımdır». Bu cümlə onun qəlbində və gözlərində gəzirdi. Katyanın üzünə tərs-tərs baxaraq, bəzən də onu özü ilə müqayisə edirdi. Katya sükutu pozub Jenyanı danışdırdı: – Dediyiniz suallar mühüm suallardır. Lakin hazırkı mühitdə bu kimi məsələlərin həyata keçirilməsi heç də mümkün deyildir. Bizim bütün vaxtımız hələlik başqa sahələrdə sərf edilməlidir. Biz hələlik böyük bir düşmənlə mübarizə aparırıq. Hələ hökumət proletariatın əlində deyil, hökmranlıq çarın və burjuaziyanın əlindədir. Hökumət bizim əlimizə keçdikdən sonra biz hər bir məsələyə ciddi yanaşdığımız kimi, ailə məsələsinə də marksizm əsasları üzərində yanaşacağıq. Biz sosializm quruluşunun hər bir sahəsində çalışdığımız kimi, ailə quruluşu üzərində də işləyəcəyik. Jenya gülərək dedi: – Biz indidən gələcək cəmiyyətin əsasını və təməl daşını qoymaqdayıq. Biz bu təməli çürük və dəyərsiz əsaslar üzərində qoymamalıyıq. Biz sıramızı sağlam fikirli və sağlam əqidəli yoldaşlarla möhkəm etməliyik. Məncə, hər kəsin üzünə gülən, hər kişinin gülüşünə sevgi deyərək qucağına atılan qadınlardan gələcək ailənin anası ola bilməz. Biz heç vaxt əxlaqsızlığa və həyasızlığa sevgi adı verib təbrik etməməliyik. Katya: – Sözünüz doğrudur! – dedi. – Biz yeri gəldikdə bu kimilərlə mübarizə aparar və islah edərik. İslaha qabil olmayanları isə öz sıramızdan bayıra atarıq. Yoldaş Jenya, indi biz bu məsələni dərindən qoymuş olarsaq, bəlkə də onunla sıramızda pozğunluq törədə bilərik. Jenya: – Hər kəs özgəyə deyil, özünə, öz əxlaqına göz gəzdirməlidir, – dedi. – Bəlkə də biz o nöqsanlardan bir çoxunu özümüzdə də görə bilərik. Onlar ayrılacaqdılar. Katya heç bir söz demədən onun üzünə diqqətlə baxdı və: – Salamat qal, yoldaş! – deyə əlini Jenyaya uzatdı. Jenya: – Yoldaşlar imkan verərsə, salamat qalmaq mümkündür, – dedi və Katyanın əlini sıxmadan yoluna davam etdi. O, gözdən qayıb oluncaya qədər Katya təəccüblə onun dalınca baxır və bu kinayəli sözün səbəbini bilmək istəyirdi. * * * Bu günkü dərnək məşğələsində partiya daxilində olan cərəyanlar məsələsi dururdu. Məsələlər «İskra» və «Yujnı raboçi» ətrafında gedirdi. Dərnək rəhbəri Katya, Vladimir İliçin bu sahədəki tarixi məktubuna keçərək dedi: – Bizdə belə bir şüar vardır: («Jenyadan uzaqlaşmaq,) Katyanı saxlamaq». Katya bu cümləni izah etmək üçün sözünə davam etdi: «Jenya» – «Yujnı raboçi», «Katya» isə «İskra» qəzetinin gizli adıdır, – deyərkən Jenyanın bədəni titrədi, tükləri qabardı, sanki yuxudan ayıldı. Təxminən bu cümləni o, Pavluşanın kitabının arasından götürdüyü kağızda oxumuşdu və bunun üçün Pavluşadan ayrılmışdı. Bu cümlə üstündə dərnək rəhbəri Katyanı da bir neçə kərə təhqir etmişdi. Jenya bütün bunları xəyalına gətirərək xəcalət çəkdi, özünü itirdi və nə edəcəyini bilmədi. Redikülündən kağızı çıxartdı. İki il idi ki, onu hər gün gözdən keçirir, bununla Pavluşaya olan nifrətini artırırdı. Jenya dərnəkdən necə çıxdığını və evlərinə necə qayıtdığını özü də hiss etmədi. Evdə də oturub, buraxdığı səhvin barəsində düşünürkən Pavluşa, Vasya, Əsgər və sair yoldaşlar onların evində idilər. Pavluşa tez getməyə tələsirdi, çünki Jenyanın danışmaması ailədə uyğunsuzluq törədirdi. Hətta Pavluşa olan stolda Jenya nə çay içir, nə də yemək yeyirdi. Pavluşa qalxıb: – Əfv ediniz, mən sizi həddindən artıq rahatsız etdim, getmək lazımdır, – dedi. Jenya başını əlləri arasından qaldırıb: – Otur, Pavluşa! – dedi. – Səninlə lazımlı söhbətim vardır. Evdəkilər Jenyanın Pavluşanı dindirməsinə təəccüb etdilər. Onda birdən-birə əmələ gələn bu dəyişikliyin səbəbini öyrənmək üçün maraqlandılar. Lakin Pavluşa təəccüb etmirdi, ancaq qorxulu və həyəcanlı anlar keçirir və yenə də Jenyanın bir ixtilaf çıxaracağından ehtiyat edirdi. Pavluşa oturdu. Jenya əl-üzünü yudu, saçlarını düzəltmək üçün küzgünün qabağına keçdi, bununla da Pavluşaya keçən illərin nəşəli tarixini xatırlatdı. Jenya iki il bundan əvvəl olduğu kimi, gəlib Pavluşanın yanında oturdu. Gülürdü, lakin gülüşləri xəcalətli gülüşlərdi. Çay süzdü, yenə birinci stəkanı Pavluşanın qabağına qoydu. – Aralıqda heç bir ixtilaf yoxdur, – dedi. – Təşkilatımız yaxşı çalışmışdır. Gələcəyin qələbəsi indidən təmin edilmişdir. Bu sözlər orada oturanları təəccübləndirirdi. Onlar Jenyada olan bu ani dəyişikliyə heç bir məna verə bilmirdilər. Məmməd xırda və yaxından görən gözlərini stolun üstündəki çaylara çevirib Jenyadan soruşdu: – Bəs bizim çayımız hanı? Pavluşa öz stəkanını Məmmədin qabağına qoyub dedi: – Mənim çayımı içə bilərsən. Görünür, stəkan çatmır. – Mənə stəkan-zad lazım deyil, mən nəlbəkidə içəcəyəm, – Çaylar içildi, Məmməd yoldaşlarına dedi: – İndi durub gedək. Bir yerdə oturmağımız qorxuludur. Hamı ayağa qalxdı. Jenya: – Mən də Katyanın yanına gedəcəyəm, – dedi, – ondan bəzi sözlər öyrənəcəyəm. Əsgər qəhqəhə ilə güldü: – Jenyanı heç anlaya bilmədim. İndiyə qədər Katyanı hər yerdə görürsə, təhqir edirdi, indi isə «bəzi məsələlər öyrənmək üçün» onun yanına gedir. Jenya çox sakit bir surətdə dedi: – İnsan həmişə bir vəziyyətdə qalmaz ki! İndi nə Katya əvvəlki Katya, nə də Pavluşa əvvəlki Pavluşadır. Vasya Jenyadan soruşdu: – Sən özün necə, dəyişdinmi? – Dəyişdim. Bunu özüm də hiss edirəm. İndi özümdə bəzi uyğunsuz hərəkətlər olduğunu anlayıram. Bir çox qadınlar hisslərinin əsiri olduğu kimi, mən də hissimin əsiriyəm. Qadınlar həqiqəti kişilərdən daha artıq sevirlər, lakin bəzi səbəblər nəticəsində onu axtarıb tapmağa acizdirlər. Mən də belə. Vəzifə yoldaşlığını nə qədər düzgün və doğru apara bilirəmsə də, şəxsi həyatımın düzgün aparılması işində acizəm. Nə etməli? Taleyimi bir daha sınayaram. Jenya bu sözləri deyərək, ata-anası ilə vidalaşıb çıxdı, çünki o, evlərində yaşaya bilmirdi. * * * Çarşaflı qadın aradan çıxdı 1902-ci il sentyabrın ikisində, Bakı təşkilatının rəhbəri və gizli mətbəənin yekanə təşkilatçısı Lado Ketsxoveli və onunla bərabər bir çox rəhbər fəhlə tutuldu. Çar hökuməti min doqquz yüz ikinci ilin may nümayişindən aldığı təsirlər nəticəsində Bakı təşkilatı ətrafına toplananları ciddi təqib etməyə başladı və polis mühafizə şöbəsi sədri Lavrovun təlaşı sayəsində sosial-demokratların tutulmasına nail oldu. Ketsxoveli hələ Bakı dustaqxanasında idi. Lakin o, yenə də fəhlə hərəkatına rəhbərlik edirdi. Çar hökuməti onu Bakıda çox saxlamadı, Tiflisə Metex dustaqxanasına göndərdi. Lado tutulduqdan sonra onun təşkil etdiyi gizli mətbəə də öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Mətbəənin dayandırılması hamıdan artıq Jenyaya təsir edirdi, sanki onun bütün varlığı mətbəə ilə bərabər öz hərəkətini dayandırmışdı. Tez-tez Krasin və sair yoldaşların yanına gedir, mətbəənin nə vaxt işə başlayacağını soruşurdu. Nəhayət, günlərin birində Jenya Katyanın görüşünə getdi və işsizlikdən şikayətləndi. Özünün mətbəə işləri ilə maraqlandığını və bunsuz yaşaya bilmədiyini söylədi. Katya Jenyanın bu vəziyyətinə olduqca acıdı, ona yeni təşəbbüslər haqqında məlumat verdi: – Sən bilirsən ki, vəziyyət çox ağırdır. Jandarm idarəsi göz açmağa aman vermir. Pasport məsələsi çox müşkül bir iş olmuşdur. Bakıda olan bir çox yoldaşların pasportu yoxdur. Hazırda bizim kiçik bir qrupumuz vardır ki, o, köhnə pasportlardan təzə pasportlar düzəltmək və kiçik həcmdə intibahnamələr, vərəqələr çap etməklə məşğuldur. Hərgah meylin varsa, orada işləyə bilərsən. Jenya bu təklifdən çox sevindi. – Orada mən kimlərlə işləyəcəyəm? – Orada işləyən bir mənəm, bir də Busingin. Yankovski, Pyatnitski və başqa yoldaşlar, hamısı sənin tanıdığın yoldaşlardır. Bu sözlərdən sonra Katya Jenyanı da özü ilə bərabər Verxni kladbişşenski küçəyə gətirdi və onu bir azərbaycanlının evində yerləşən yoldaşlarla tanış elədi. Jenya bir aydan artıq bütün vaxtını burada keçirdi. O, öz fəaliyyəti ilə bütün yoldaşlarının hüsn-rəğbətini qazandı. Bakı jandarmeriyası Bakıda belə bir qrupun çalışdığını, əldə edilən intibahnamələrdən anlasa belə, qrupun işlədiyi yeri tapa bilməmişdi. * * * Bu gün Jenya gündüz saat ikidən gecə saat on iki tamama qədər işləmişdi; hər günkünə nisbətən yüz faiz artıq intibahnamə çap edilmişdi. Nəhayət, saat 12-də Jenyanı yuxu rahatsız etməyə başladı. Pəncərənin qabağında oturub dinçini almaq istədi. Pəncərədən, qara dumanların yorğanına bürünüb yatmaq istəyən Bakı şəhərinə baxmağa başladı. Yuxusu qaçdı. Qaraşəhərin bacalarından qalxan qara tüstü ayın ağ üzünü bir həbəş qızı üzünə döndərirdi. Ulduzlar, Metex dustaqxanasında saxlanılan Lado yoldaşın yuxu bilməyən gözləri kimi etirazlı baxışlarla baxırdı. Bakı üfüqləri, Qafqaz canişini knyaz Qolitsinin fikri qədər qaralmış, Kaspi dənizi Runiç, Lavrov jandarmının qamçıları altında inləyən ürəklər kimi çırpınırdı. Limanda duran gəmilərin, manevr edən parovozların arabir fit səsi gəlirdi. Qoçuların atışması da eşidilirdi. Saat birə bir neçə dəqiqə işləmişdi. Ülkər ulduzu Narkin adası üzərində durub incə rişələrini suvarmaq üçün dənizə salırdı. Ay matəmli bir qadın kimi buludların qara çarşafına bürünüb, müsəlman qəbiristanının qəbir daşları üstündə durmuşdu. Narın yağış yağır, qəbir daşlarını göz yaşı kimi isladırdı. Qabırğasında qamçı izləri qalan konka atları istirahətə buraxılırkən, fabrik-zavodların fitləri verildi, gündüz saat ikidən gecə saat 12-yə qədər işləyən, zəhmətini bir qarın çörəyə satan Bakı əməkçilərinin işdən azad olduğunu elan etdi. Birdən Jenyanın qulağına bir çinkilti səsi gəldi. Bu səs, jandarmların çəkməsinin dabanında olan məhmizlərin səsinə bənzəyirdi. Jenya otaqdakılara dedi: – Yığışdırın! Jandarm gəlir! Lazımi vəsiqələr tamamilə gizlədildi. Məhv edilməli şeylər məhv edildi. Lakin doqquz pud ağırlığında olan ədəbiyyatı məhv etmək mümkün olmadı, onu bağlayıb dal pəncərədən aşağı atdılar. Yük pəncərənin dibində duran jandarmın qabağında yerə düşdü. Qapı vuruldu. Bu səs yuxarıda çalışan gizlin dəstənin vüqarını heç də poza bilmədi. Jandarmlar bu gün bir çoxları ilə bərabər Jenyanı da əldə edəcəyinə şübhə etmirdi. Qapı ikinci dəfə vurulduqda başında ağ çarşaf, qucağında körpəsini tutan bir müsəlman qadını qapını açdı. Jandarmlardan biri soruşdu: – Yuxarıda gürcü var, urus var? Qadın başı ilə var işarəsini etdi. Barmağı ilə də pilləkanı göstərdi. Polis və jandarmlar, gizli qrup işləyən evin altını üstünə çevirincəyə qədər axtardılar. Gizlədilən vəsiqələrdən başqa hər bir şey ələ keçdi. Jenyanı tapmadılar. Jandarmlar buna çox təəccüb etdilər. Onlar Jenyanın bu otaqda olduğunu bilirdilər. Qapıda duran jandarmlar dedi: – Bayıra ancaq çarşaflı, qucağında körpə uşaq olan müsəlman qadını çıxdı. Jandarmlar otaqdakıları tutub aparırkən birisi: – Şeytan qız, bu dəfə də əlimizdən qaçdı, – dedi. * * * İki mart nümayişi 1903-cü ilin yazı heç kəsin gözləmədiyi bir ruh yüksəkliyi ilə gəldi. Kütlələrin qəlbi fərəhlənir, hər kəs öz sözünü, öz tələbini mitinglərdə, nümayişlərdə deməyə həvəslənirdi. Bakı proletariatı 1903-cü ilin may nümayişinə mart ayından başlayaraq hazırlanırdı. Bakı proletariatının mart ayının 2-də olacaq nümayişi, may nümayişi üçün aparılan hazırlığın imtahanı demək idi. Mart ayının 2-də olacaq nümayiş üçün bütün fabrik-zavodlarda və müəssisələrdə hazırlıq aparılırdı. Vəzifələr fəhlələr arasında bölünmüşdü. Jenya mart nümayişinə hazırlıq aparmaq üçün Qaraşəhərə getmişdi. O, Əlibəyovun kəndir fabrikində olan tanış fəhlələrlə görüşməli, mart nümayişi üçün nə iş görüldüyünü öyrənməli idi. Jenya həyətə girdiyi zaman, fəhlələrin istirahət saatı idi. Onlar xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. Məmməd Jenyanı görən kimi nə üçün gəldiyini anladı və dərhal: – Jenya bacı, yəqin ki, axtara-axtara gəlib məni burada tapmısan, – dedi. Onlar bir-birinin əlini sıxdılar. Jenya da oturdu. Məmməd əlini cibinə saldı, çıxardığı tumu Jenyanın ovcuna tökdü, tum çırtlaya-çırtlaya Jenyanı yoldaşlarına tanıtdı: – Bizim dostumuzun qızıdır. Bizimkilərdəndir. Siz eləsiniz, qızlığına baxmayın, ağzına tapança sıxsan qayıtmaz. Mən bunun igidliyini bir neçə kərə görmüşəm. Sağlıq olsa siz də görərsiniz. Məmməd Jenyanı onlarla tanış elədi, sonra qırağda oturub qəzet oxuyan oğlanla da onu tanış etdi: – Bu da bizim təzə yoldaşımızdır, – dedi. Jenya onun əlini sıxaraq: – Bu yoldaşı birinci dəfədir ki, görürəm, – dedi. Gənc oğlan çox sakit bir surətdə dedi: – Bəli, əziz yoldaş, sözünüz doğrudur! Mən Bakıya bir neçə gündür ki, gəlmişəm. Bu danışıqdan sonra Məmməd gənci bir daha Jenyaya təqdim edərək: – Bu yoldaş bizim tiflisli yoldaşlarımızdandır, – dedi. – Adı da Montindir. Jenya onun əlini ikinci dəfə sıxdı. – Mən nə qədər xoşbəxt oldum! Sizin gəldiyinizi Pavluşa mənə demişdi. Montin Jenyadan soruşdu: – Siz Pavluşa ilə tanışsınız? – Bəli, biz məslək yoldaşıyıq, tanışıq. Siz onu hardan tanıyırsınız? – Bir gün əvvəl tanış oldum. Olduqca dəyərli yoldaşdır. Sonra nümayişə hazırlanmaq məsələsinə keçərək Jenya Məmməddən soruşdu: – Burada bir iş görmək mümkün olacaqdırmı? – Montin yoldaş işləyən bir yerdə iş görmək çətin niyə olsun? Montin bu sözləri dinləyərək bir az düşündü və sonra dedi: – Proletariatın bir xüsusiyyəti vardır ki, o da çətinlik qarşısında ruhdan düşməmək, mübarizəyə daha ciddi bir surətdə girməkdir. Biz 1902-ci ildə Lado yoldaşın və onunla bərabər bir çox rəhbər Bakı fəhləsinin tutulduğunu Tiflisdə eşitdiyimiz zaman heç də ruhdan düşmədik və Bakı fəhlələrinin daha da ciddi mübarizəyə hazır olacağını yəqin etdik. Bakıya gəldim. Bu fikrin tamamilə doğru olduğunu gördüm. Sizi əmin edirəm ki, Əlibəyov fabriki fəhlələri nümayişin lehinə bir səslə səs verəcəkdir. İş başlanan vaxt Jenya və Məmməd Montinin əlini sıxıb ayrıldılar. * * * Mart ayının ikisi idi. Bakı proletariatının iki aydan bəri hazırlıq apardığı nümayişin günü idi. Ürəklərdə bir arzu kimi bəslənən nümayiş duyğuları həyata keçmək üzrə idi. Şəhərdə adi həyat davam edirdi. Bakı polisi minlərlə ürəkdə coşan intiqam hisslərindən xəbərdar deyildi. Qorodovoylar, jandarmlar yenə də öz duracaqlarında gəzişir və gəlib-gedənləri it kimi qorxudurdular. Buna baxmayaraq, Parapet ətrafında Bakı polisi üçün tanınmayan adamlar görünməyə başlamışdı. Ciblərində daş, əllərində ağac olub erməni kilsəsinin ətrafında dolaşan Bakı fəhlələri yan-yörədə gəzişən polislərin adi düşüncəsini qıdıqlamağa və rahatsız etməyə başladılar. Pavluşa, Vasya və Ayrapet erməni kilsəsi ilə «Bakı» qəzeti çıxan mətbəənin küncündə bir-birlərini gözləməyə söz vermişdilər. Məmmədlə Əsgər kəndə getdikləri üçün Parapetə çox gec gəldilər. Onların hər birinin əlində möhkəm bir nar çubuğu var idi. Çubuqlar qorodovoyların nəzərini cəlb etdi. Bir qorodovoy onlara yaxın gəlib dedi: – Bura qoyun otarmaq yeri deyil, rədd olun buradan! Üst-başları cındır çobanlar!.. Nə Əsgər, nə də Məmməd cavab verdi. Onlar Parapetin o biri tərəfinə keçərkən Pavluşaya və onun yoldaşlarına rast gəldilər. Dəstə yavaş-yavaş çoxalmağa başladı. Onlar daha bir yerdə dura bilmədilər, çünki ətrafda duran jandarm və qorodovoylar bir şey duymuş köpək kimi ətrafı həyəcanlı bir surətdə gözdən keçirirdilər. Əhali çoxalırdı. Həyat adi şəklindən çıxmağa başlamışdı. Jandarm onbaşısı mətbəəyə girdi, vəziyyəti jandarm miralayına xəbər verib yenə də bayıra çıxdı. Yanında duran jandarm nəfərlərinin qulağına bir şey pıçıldadı. Qaraşəhər fəhlələri də gəldilər. Montinin alovlu gözləri parlamağa başladı. Əlibəyov zavodunun fəhlələri Nobel müəssisələri fəhlələrinə qoşulub gəlmişdilər. Pavluşa nə qədər göz gəzdirdisə, Jenyanı görə bilmədi. Onun bu kimi mühüm bir gündə aralığa çıxmaması və nümayişdə iştirak etməməsi Pavluşanı və yoldaşlarını düşündürməyə bilməzdi. O, Əsgərdən soruşdu: – Bəs o necə oldu? Harada qaldı? – Onun adı olmazmı?! – O da... – Axır, adını deməmiş, mən nə bilim kimi soruşursan? – Jenyanı! – Hə, Jenyanı... O dünən saat birdə mənimlə görüşdü, dedi ki, Bibiheybətə gedəcəyəm. Nümayişə də oradan gələcəyəm. Pavluşa Parapet ətrafını gəzdi. Bir neçə dəqiqədən sonra Jenyanın üç nəfərlə gəldiyini gördü. Pavluşa cürət edib Jenyaya yaxınlaşmadı, çünki bir neçə gün əvvəl yenə onların sözü tərs gəlmişdi. Jenya Pavluşanı səslədi: – Bura gəl, yoldaş Pavel! Pavluşa getdi. Jenya ona əl uzatmadan yanındakı yoldaşlarını ona tanıtdı: – Bunlar Bibiheybətdən gələn yoldaşlardır. Bu Xanlar Səfərəliyevdir, çox dəyərli bir yoldaşdır. Bu Koçetkov yoldaşdır. Bu da Boriyev yoldaşdır. Hər üçü Bibiheybətdə Nəftəlan cəmiyyəti fəhlələrindəndir. Bir-birinin əllərini sıxdılar. Pavluşa bu tanışlıqdan olduqca şadlandı, çünki Bibiheybət menşevikləri ilə mübarizə etmək üçün Bibiheybət işçiləri arasında ciddi iş aparmaq lazım gəlirdi. – Bəs qalan yoldaşlar hanı? Elə dörd nəfərsiniz? Jenya: – Xeyr, – dedi, – hökumət elə bilir ki, nümayiş Parapet ətrafından başlanacaqdır. Ona görə də öz qüvvəsini buraya toplamışdır. Bu da çox yaxşı oldu. Biz bütün yoldaşlarla belə məsləhət görmüşük ki, hökuməti aldadaq, nümayişi Malakan bağı ətrafında başlayaq. Sən get yoldaşlara da xəbər ver. Yavaş-yavaş ora getsinlər. Jenya yoldaşlarından ayrıldı və hara getdiyi haqqında heç bir söz söyləmədi. Pavluşa yoldaşların əlini sıxıb ayrılırkən Xanlara dedi: – Mən səninlə tanış olduğuma çox sevindim. Azərbaycanlıların sayı cərgəmizdə artdıqca bizim ümidlərimiz də artır. Çox rica edirəm ki, biz tez-tez görüşək. Pavluşa yoldaşlarını xəbərdar etmək üçün getdi. Tez dəstələrin içərisinə soxulub, bütün nümayiş rəhbərlərini və dəstə başçılarını məsələdən xəbərdar elədi. Nümayişin Malakan bağı ətrafında başlanacağını söylədi. Bu tapşırığa baxmayaraq, Parapet ətrafında həddindən artıq fəhlə və şəhər camaatı toplanmışdı. Saat 11 tamam idi. Təşkil olunmuş fəhlələr yavaş-yavaş Malakan bağı ətrafında toplandılar. Parapet ətrafında qalanların doxsan faizi bekar camaatdan ibarət idi. Sanki şəhər xalqı da bu gün xariquladə bir hadisə olacağını hiss edirdi. Jandarm və polis nəfərlərinin «Rədd olun, dağılın!» sözlərinə, atlı kazakların qamçı oynatmasına əhəmiyyət verməyərək, maraqlandıqları hadisəni gözləyirdilər. Saat 12-yə işləyəndə qəribə bir səs eşidildi. Başlar ixtiyarsız olaraq səs gələn tərəfə çevrildi. Bu səsin indiyə qədər eşidilməmiş, çox da cürətli bir səs olduğunu hamı təsdiq edir və təəccüb edirdi. Səs, incə və zərif bir boğazdan çıxdığına baxmayaraq, böyük bir gurultu qopartdı. Bu səs bomba kimi Bakı burjuaziyasının geniş şüşəli pəncərələrini çinkildətdi. Gözləri hədəqəsindən çıxmış, açıqlanmış, həm də qorxuya düşmüş burjuylar pəncərələrini açıb bu səsin haradan gəldiyini və kimin ağzından çıxdığını bilmək istədilər. Onlar tələ sahibini görmüş tülkü kimi əsirdilər. Bu səs Parapet ətrafında duran çar polisini və kazaklarını da heyrətə saldı. Onlar Parapetdən Malakan bağına tərəf getmək əmrini aldılar, lakin bura gəlmək üçün insan sellərini yarıb keçmək lazım gəlirdi. Bu səs bir daha eşidildi: «Yoldaşlar, qızıl bayraq altına!». Bu sözləri deyən Jenya idi. Jenya qırmızı köynək geymiş, səkkiz nəfərlik bir qadın qrupu ilə irəliləyirdi! Bakı proletariatı əllərində qızıl bayraq daşıyan qadın dəstəsinin ətrafını bürüdü. Səkkiz nəfər qadın inqilab bayrağını göz bəbəyi kimi qoruyaraq, iki mindən artıq proletariatın ilk sıralarında gedirdi. Pavluşa Jenyanın bu böyük qəhrəmanlığını görüncə sevincindən: – Yaşasın Jenya! – deyə bağırdı. Məmməd onu dümsükləyib: – Ada, sən kiçsən, nəsən? – deyə sakit etdi. «Yaşasın qızıl bayraq! Rədd olsun mütləqiyyət!» – sözləri minlərlə ağızdan çıxırdı. Gizli mətbəədə çap olunmuş intibahnamələr göydən qar parçaları kimi yağmağa başlamışdı. Polis və jandarm nəfərləri kütlələrə qoşulub havada uçan intibahnamələri ovlamağa və öz ağalarına hədiyyə aparmağa çalışırdılar. Kazaklar atlarını qızıl bayraq daşıyanların üstünə məhmizlədilər, lakin fəhlələrin əlindəki dəyənəklərin qabağında bir iş görə bilməyib geri qayıtdılar. Əsgər və Məmməd Mariniski küçənin tinində, yarım saat əvvəl onlara «rədd olun buradan üst-başları cırıq çobanlar!» – deyən qorodovoya təsadüf etdilər. Qorodovoy onları dərhal tanıdı: «Afərin uşaqlar!» – deyə yaltaqlandı və yaxasını qurtarmaq istədi, lakin buna müvəffəq ola bilmədi. Əsgərlə Məmməd onu əllərindəki nar çubuğuna tutdular. Nar çubuqları sınmaq və yorulmaq bilmədi. Qorodovoyun boynunda çubuq yerləri zol-zol durdu. Qorodovoy köpək kimi arxası üstünə düşüb yalvarırdı. Kazakların və jandarmların mane olmalarına baxmayaraq, dəstələr Naberejnı küçəyə tərəf hərəkət etdilər. Kütlə sel kimi axırdı. Bu hərəkət Bakı polisini düşündürməyə və daha da rahatsız etməyə başladı. Onlar yeni qüvvə almaq üçün yuxarı polis orqanlarına müraciət etdilər. Qubernator Naberejnı küçədə yaşadığı üçün nümayişçiləri bu küçəyə buraxmamaq lazım gəlirdi. Qamçılar işə düşdü. «Vurun, tutun, dağıdın!» səsləri ucaldı. Lakin qızıl bayraq öz hərəkətini dayandırmamışdı. O, arxasınca sel kimi axan dəstələrə rəhbərlik edirdi. Əllərində ağac tutmuş fəhlələr bayrağın müdafiəsi üçün gedirdilər. Daş, ağac Bakı polisinin üstünə yağırdı. Bu gün, Bakı polisinin görmədiyi tarixi bir hadisə meydana gəldi: o da Bakı proletariatının silah işlətməsi idi; fəhlə sıralarından da güllə səsi eşidilməyə başlamışdı. «Vurun bu qara köpəkləri, yoldaşlar!» səsini minlərlə fəhlənin ağzından eşitmək olardı. Bolşeviklər partiyasının silahlı mübarizəyə keçmək şüarları Bakı fəhləsini çar polisilə vuruşmaq üçün qabaq sıralara sövq edirdi. Qubernatorun müavini meydana çıxdı. Bu zaman Ayrapet, Məmməd və Pavluşa üç nəfər qorodovoyla vuruşurdular. Qorodovoylar qubernator müavinini görüncə qudurğan köpək kimi fəhlələrin üstünə atıldılar. Ayrapetin, Məmmədin və Pavluşanın əl-qolunu bağlamağa çalışdılar. Pavluşa və yoldaşları qubernator müavininin gəlməsindən xəbərdar deyildilər. Müavin, fəhlələrin qorodovoyla çarpışdıqlarını və onu döydüklərini görüb, yanındakı kazakla bərabər onlara yanaşmağa başladı. Jenya bunu görürdü. O, Pavluşa ilə onun yoldaşlarını heç gözdən qoymurdu. O, əlini uzadıb döşəmədən bir daş götürdü. Bu daş bir çoxlarını polis əlindən qurtardı. Jenyanın atdığı bu daş qubernator müavininin başını yarmışdı. Polis və jandarmların başı bu hadisəyə qarışdı. Fəhlələr də kütlələr arasında gözdən itdilər. Üç saat davam edən bu nümayiş Bakının daş qalalarında yerləşən burjuaziyaya qandırdı ki, bu qalalar çox da möhkəm deyildir. Bir gün Bakı fəhlələri bu qalaları öz proletar partiyasının rəhbərliyi altında fəth edə biləcəkdir. Ağac, daş, balta və xəncərlərin polis silahına üstün gəldiyini görən Bakı milyonçuları artıq Bakı fəhlələrinin qorxulu bir qüvvə olduğunu yəqin etdilər. «Yaşasın sosializm!» səsləri üç-dörd mərtəbəli evlərdə yaşayan «nəcib» ailələrə vəlvələ saldı. Bütün pəncərələr örtüldü, pərdələri salındı. «Rədd olsun burjuaziya!» səsləri salondakı pianoların səslərinə də qorxulu bir ahəng verdi. Pianoların üzərində nazlanan barmaqlar titrəməyə, həssaslığını itirməyə başladı. Nota kağızları üstündəki işarələr ilan və əqrəb şəklində göründü. Əyləncəyə, keyfə baxmağa öyrənmiş dövlətlilər küçədə qopan qiyamətə dəhşətlə baxırdılar. Hər kəs və hər şey olduğu yerində: vannada çimənlər – vannada, ağ qətifələrə bürünənlər – qətifələrdə, bəzənənlər – tualet otaqlarında donub qalmışdılar. Çaylar, qəhvələr stol üstündə soyumuşdu. Bakı küçələrindən qalxan səslər, burjuaziya və aristokrat ailələrinin yuxudan qalxdığı və «səhər məşğuliyyətinə» başladığı anlarda eşidildiyi üçün daha təsirli idi. Palıd ağacından qayrılmış qapılar qapanır, arxasına dəmir lomlar salınırdı. Burjuaziya qapıçılara və gözətçilərə silah paylayır, telefonla polis idarəsindən mühafizə üçün adam tələb edirdi. Hamı çəkilib getmişdi. Küçələrdə ələ düşən fəhlələr polis tərəfindən tutulub, polis idarəsinə göndərilmişdi. On iki nəfər fəhlə, iki nəfər realnı məktəb tələbəsi, bir nəfər gimnaziya tələbəsi tutulmuşdu. Küçələrdə gözə görünən ancaq qorodovoy, jandarm və kazaklar idilər. Onlar bütün dalanları, tinləri, qapı dallarını gəzir, nümayişçi axtarırdılar. Yalnız Qubernator bağında bir ev qulluqçusu qucağındakı körpə uşağa layla çala-çala gəzişirdi. * * * Nümayiş zamanı bir sırada gedən Pavluşa, Əsgər, Vasya, Ayrapet və sairələri Vasyanın 8-ci Zavağzal küçəsindəki mənzilində toplandılar. Vasya yoldaşlarından soruşdu: – Jenyadan xəbəriniz oldumu? Heç kəsdən səs çıxmadı. Sonra da Əsgər Pavluşanı məzəmmətə başladı: – Bütün təqsirlər səndədir! Sənin səbəbinə Jenya bizə qoşulmaq istəmir. Çünki sən nə onun yaxasını buraxırsan, nə də adam kimi yoldaşlıq edirsən. Səni sevən Jenya kimi bir yoldaşla həftənin bu başında da, o başında da küsülü olursan, buna görə də yazıq qız bu gün bizim cərgəmizə qoşulmadı. Sən olmasaydın o bizimlə gedərdi, indi də bizimlə bərabər qayıdardı. İndi kim bilir qızın başına nə iş gəldi, hansı polisin toruna düşdü? İndi buyurub, Sergey Vasiliçə xəbər apar! Onsuz da yazıq qoca bu gün-sabah öləcəkdir. Pavluşa Əsgərin sözlərindən incidi. – Sən həmişə beləsən! – dedi. – Bildin, bilmədin ağzına nə gəlsə danışarsan; iclaslarda da xasiyyətin budur, hər kəs söz alıb danışmasa da, sən gərək danışasan, necə olsa gərək bir söz tapıb deyəsən. Sən Jenyanı tanıyırsan, onun dinc həyat keçirməyə qabil olmadığını bilirsən, bununla belə yenə məni məzəmmət edirsən. Mən onun küsməsinin səbəbini bilmirəm. O, iki dəfə məndən küsüb, barışmışdır. Amma nə qədər soruşmuşamsa, səbəbini söyləməmişdir. Mən onun nədən incidiyini bilsəydim, iki şeydən birisini edərdim: ya gedib ondan üzr istəyərdim, ya da birkərəlik onu danışdırmazdım, əlaqəmi kəsərdim; bu da mümkün olmasaydı, birdəfəlik Bakıdan çıxıb gedərdim. Nə edim ki, sirrini tapa bilmirəm. Onun məcaz və marağını bilmək üçün qadın olmaq lazımdır. İndi elə bir vəziyyətdə qalmışam ki, onun yanında adi bir sözü belə danışmağa cəsarət etmirəm. Jenya ilə tanış olduğum gündən bu vaxta qədər ona dediyim sözlərin hamısı yadımdadır. O sözlərin içərisində, onu incidəcək bir kəlmə də yoxdur. Onun cini vardır, tutanda daha üzünü görmə! Elə bu gün məni çağırıb Bibiheybət fəhlələri ilə tanış elədi... Əsgər danışmırdı. Məmməd yenə də adəti üzrə əllərini dizləri üstünə qoyub başını Pavluşaya tərəf uzatdı. Kiçik gözlərini onun gözlərinə dikib soruşdu: – Sən vurmadın, mən yıxılmadım, bəs necə oldu? Qadası, de görüm axı bu nə əhvalatdır? Pavluşa: – Sən qısqanmaq nədir bilirsənmi? – Niyə bilmirəm, əlbəttə ki, bilirəm! Əvvəlcə buyur sən özün de, görüm qısqanmaq nədir? – Otaqda olanlar gülüşməyə başladılar. Məmməd sözünə davam etdi. – Niyə gülürsünüz? Qoy Pavluşa özü desin görək qısqanmaq nədir? Pavluşa da acıqlı olduğuna baxmayaraq gülürdü. Axırda Məmmədi sakit etmək üçün dedi: – Məmməd yoldaş, Jenya qadındır. – Xeyr, qadın deyil, qızdır. – Bəli, Jenya qızdır. Özü də qısqanır. – Vot tibə raz! Yenə deyir ki, qısqanır. Biz bilirik ki, qısqanır. Səndən soruşuram, yəni necə qısqanır, nə olsun ki, sən deyəcəksən qısqanır, özün də bilməyəcəksən ki, qısqanmaq nədir. – Mən bir qıza qoşulanda, bir qadın ilə danışanda o deyir ki, guya mən həmin qadınları və qızları sevirəm. Bunun üçün də mənə acıqlanır, bunlar da olmayanda fikirlərdən, düşüncələrdən acıqlanır, tez-tez küsür. Onu öyrənmək çox çətindir. Yaxşı yoldaşdır. Amma bu xasiyyəti bir qəpiyə dəyməz. Ayrapet çox öskürdüyündən danışa bilmirdi. Öskürək bir az ara verdikdə dedi: – Pavluşa, sən həmişə qadın məsələsində çürük fikirli filosofların fikrini aralığa atıb, qadın ruhunun qeyri-adi bir ruh olduğunu deyirsən. Mən sənin üzünə deyirəm: sənin bu fikrin sağlam bir fikir deyildir. Məmməd bu sözlərdən şadlandı: – Bax, mənim də dediyim budur! Əsgər özünü saxlaya bilməyib pıqqıltı ilə güldü. Ayrapet sözünə davam etdi: – Yoldaş Pavluşa, – dedi, – qadınlar nə qədər incə, nə qədər nazik olurlarsa-olsunlar, ağırlığa təhəmmül etməyi, çətinliklər qarşısında soyuqqanlı hərəkət eləməyi və əsəbilik göstərməməyi bacarırlar. Onlar özlərinin tutduqları çəbhədən tez çəkilməzlər. Qadınlarda şərəf və izzəti-nəfs daha yüksəkdir. Bu günkü nümayişdə Jenya və onunla bərabər gedən qadınlar bu dediklərimin hamısını işdə göstərdilər. Bu gün xüsusən Jenya mənim sözlərimin hamısını isbat elədi. Pavluşa təəccüblə Ayrapetdən soruşdu: – Harada? – Səni ölümdən qurtardığı yerdə. – Məni?! – Bəli, səni! Sən qorodovoyla yumruqlaşırdın. Qubernatorun müavini kazaklarla sənin üstünə hücum edirdi. Sən sağ-salamat qurtarmayacaqdın, lakin igid Jenya daş ilə qubernatorun müavininin başını yardı. Bu hadisə baş verməsəydi, səninlə bərabər bir çoxları tutulacaqdı. Pavluşa bir ah çəkərək dedi: – Məni də düşündürən bu məsələdir. Elə bir yoldaşın məndən ayrılmağının səbəbini bilmək istəyirəm. – Mən bu qızların işinə mat qalmışam. Bilmirəm Jenya kimi gözəl bir qız bu qara xortdana oxşayan Pavluşada nə axtarır?! Güldülər. Susdular. Düşünürdülər. Pavluşa başını qaldırıb dedi: – Bəlkə də Balaxanıya getmişdir... Vasya sanki bir düşüncə təsiri ilə ayağa qalxdı, tüklərini barmağı ilə qarışdıraraq: – Yox, – dedi, – o Balaxanı – Sabunçu dairəsinə gedə bilməz, çünki şəhər ilə rayonun arası kazak və jandarm dəstələri ilə doludur. Evlərinə də getməz, çünki evlərini tez-tez axtarırlar. Vasya sözünü bitirməmişdi ki, pəncərəni yavaşcadan döydülər. Hamı susdu. Vasya qorxa-qorxa qapını açdı. Bir saat bundan qabaq Qubernator bağında qucağındakı uşağa layla çalan qız içəri girdi, köhnə paltarlardan düzəldilmiş uşaq qundağını yerə qoydu. Üst paltarını çıxartdı. Hamı donub qaldı. O, Jenya idi. Gülə-gülə əvvəl Məmmədin, sonra da o biri yoldaşların əlini sıxdı. Məmmədin yanında oturdu. Pavluşa ilə görüşmədi. Əsgər bir Jenyaya, bir də Pavluşaya baxdı, boynunu qaşıdı. Pavluşa da ona göz vurdu, «bizi barışdır!» deyə işarə etdi. Əsgər ikinci kərə görüşmək bəhanəsilə Jenyanın əlini əlinə aldı. Pavluşanın əlinə yaxınlaşdırmaq istədi. Jenya istehzalı bir gülüşlə dedi: – Mənim dərdim elə o idi ki, gəlib Pavluşa yoldaşla barışam. – Əlini geri çəkdi, – Mənim əlimi zorla heç bir kəsin əlinə vermək olmaz. Pavluşa mənim yoldaşımdır. Qoy elə də qalsın, daha başqa bir söz ola bilməz! Sonra qollarını çırmayıb çaydanı pilətənin üstünə qoydu. Bağlamanın içindən özü ilə bərabər gətirdiyi qara çörəyi və iki quru balığı çıxardaraq, stolun üstünə qoydu və yoldaşlarına dedi: – Buyurun, nahar eləyin! Yeməyə başlamadan Vasya Jenyaya dedi: – Jenya yoldaş, bu günkü nümayişdən sonra sənin Bakıda qalmağın mümkün deyildir. Bir tərəfə getməlisən. Jenya əlindəki quru balığı doğraya-doğraya Vasyadan soruşdu: – Mənim Bakıdan çıxıb getməyim üçün Bakı Komitəsi qərar çıxarmışdırmı? Vasya: – Xeyr, – dedi. – Bu barədə Bakı komitəsinin qərarını bilmirəm, bu fikir öz fikrimdir. Jenya güldü: – Elə isə o fikir qoy öz cibində qalsın. Mən öz gələcəyim haqqında lazımi tədbirlər görmüşəm. O tədbirlərin içərisində Bakıdan çıxıb getmək məsələsi yoxdur. Jenya çay süzüb stolun üstünə qoydu. İki saat əvvəl burjuaziya süfrələrinin təntənəsini pozan bir qrup qəhrəman fəhlə gülə-gülə süfrə başına oturdu. Nahar yeməyə başladılar. Pavluşanın sağ əli üzündə idi. Jenya bunu görürdü, lakin səbəbini Pavluşadan soruşmaq istəmirdi. Pavluşa əlini yeməyə uzadanda Jenya onun üzündəki qızartını gördü. (Pavluşanı qorodovoylar vurmuşdular). Dərhal dəsmalı isladıb onun üzünə qoydu. Gün batırdı. Jenya ayağa qalxdı: – İndi salamat qalın, – dedi, – mən evə getməliyəm. Ata-anam mənim nümayişdən nə cür qurtardığımı bilmirlər. Yəqin ki, nigarandırlar. Vasya qalxıb dedi: – Yox, Jenya, getmə! Qaranlıq düşəndə Ayrapet yoldaşın evinə gedərsən, orada Varvara bacı ilə gecələyərsən. Jenya: – Yox, gedəcəyəm, – dedi, – atam xəstədir, nigaran qalar. Pavluşa ayağa qalxıb: – Elə isə qoy mən gedim, xəbər aparım, – dedi. Jenya yenə də etiraz etdi: – Onda daha da nigaran qalarlar. Bunu deyib paltarlarını geydi və yoldaşları ilə vidalaşdı. * * * Mart ayının 2-də olan nümayiş fəhlə sinfinin gözünü açdı. Bu nümayişin ən əhəmiyyətli cəhətlərindən biri də Bakı fəhlələrinin həmrəyliyi idi. Nümayişdən sonra tətil komitəsinin işi get-gedə asanlaşırdı, çünki sinfi idrakı inkişaf etməmiş fəhlələr içərisində belə tətil duyğuları canlanmağa başlamışdı. Fəhlələrdə böyük ruh yüksəkliyi vardı, hətta iranlı və azərbaycanlı fəhlələr də tətil komitəsinin tələblərini dinləməyə söz verdilər. Ən geridə qalmış fəhlələr belə tətildən qorxmamağa başladılar. Pasxa bayramı ərəfəsində konduktorlar və konka sürənlər də tətil etdilər. Onlar iş gününün azalmasını tələb edirdilər. Mart nümayişlərindən gözü qorxan sahibkarlar konka sürənlərin tələblərini çox keçmədən qəbul etdilər, iş gününü doqquz saat eləməyə məcbur oldular. Az sonra Mirzəbəyovun tütün fabrikinin fəhlələri də tətilə başladılar. Tətilçilərin sayı səkkiz yüz nəfərdən artıq idi. Sahibkarlar verilən tələbləri bir gün ərzində qəbul etdilər. Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. Verilən tələbləri mümkün qədər tez yerinə yetirirdilər. Aprelin 18-dən indiyə qədər tətilə qoşulmayan qəzet mürəttibləri də tətilə başladılar. Ayın 19-da Bakıda bircə dənə də qəzet tapılmadı. May bayramı ideyası geniş kütlələrə sirayət etməyə və inkişafa başladı ki, bu da aprelin 27-də tətil komitəsinə təntənəli 1 May nümayişini təşkil etmək imkanını verdi. Bir neçə gün əvvəldən bütün böyük zavod və fabriklərdə və başqa-başqa müəssisələrdə iclaslar çağırıldı, may nümayişinin nə cür təşkil ediləcəyi barəsində izahat verildi. Gizli mətbəə verilən sifarişləri vaxtından əvvəl yerinə yetirirdi. May nümayişindən əvvəl tətil komitəsi rusca — 2900, ermənicə — 2100, gürcücə — 1000 nüsxə vərəqə buraxdı. Bundan başqa sosial-demokrat fəhlələr ittifaqı tərəfindən üç dildə, hər dildə 2100 nüsxə olmaq şərtilə intibahnamə buraxıldı. Nümayişə bir gün qalmış, fəhlələri nümayişdə iştirak etməyə çağıran böyük bir müraciətnamə çap olundu. Birinci dəfə Azərbaycan dilində nümayişə dəvətedici vərəqələr görünməyə başladı. Bu nümayişlə keçən nümayişlər arasındakı fərqlərdən birisi də azərbaycanlıların iştirak etməsi idi. Fəhlələr nümayişə hazırlıq gördükləri kimi, Bakı polisi də hazırlıq görmüşdü. Nümayiş ola biləcək yerlərdə və camaat çox gəzən küçələrdə polis dəstələrinin sayı artırılmışdı. Aprelin 27-ci günü küçələrdə gözə görünən polislərin geyimi və silahları bir başqa idi. Küçədə paltarını dəyişmiş casuslar, xəfiyyələr, Runiç və Lavrov gəzir və nümayişə gələnləri nişanlayırdılar. Şəhər camaatının nümayişçilərə qoşulmasına mane olmaq və onları qorxutmaq üçün atlı kazak dəstələri çıxarılmışdı. Bu hazırlığa qarşı tətil komitəsi də hazırlıq görmüş, nümayişin harada olacağı haqqında qərar çıxarmışdı. Nümayişçilər bir neçə yerdə toplanmışdılar. Polis idarəsi mart nümayişinin olduğu yeri yadından çıxarmamışdı. Tətil komitəsinin qərarına görə, nümayiş Parapetin ətrafında başlanacaqdı. Bura on yolun ayrıcı olduğu üçün kütlələr nümayişə çox sürətlə qoşula biləcək idilər. Qızıl bayraq polisin heç gözləmədiyi bir halda «Rədd olsun mütləqiyyət!» səsləri ilə qaldırıldı. Bu səsdən bir neçə saniyə sonra vaxt ikən polisi çaşdırmaq üçün müəyyən yerlərdə duran nümayişçi dəstələri sel kimi axıb Parapet ətrafında qalxan qızıl bayrağın ətrafında toplandılar. Buradakı polis dəstələri təşəbbüsü öz əllərinə almağa çalışarkən, Nikolayevski küçədə hərəkət edən güclü bir dəstə də gəlib nümayişçilərə qoşuldu. Bu vaxt bir nəfər atlı kazak çapa-çapa gəldi və Petrov meydanında güclü bir nümayiş başlandığını, kütlələrin ümumiyyətlə nümayişə qoşulduğunu polis müdirinə xəbər verdi. Polis özünü itirmişdi. Onların bir çoxu dəstələrin içindən çıxıb gizlənməyə məcbur olmuşdu. Qızıl bayrağın sayı get-gedə artırdı. Rütubətli zirzəmilərdə yaşayan Bakı fəhlələrinin «Yaşasın azadlıq?» səsləri, yuxarı mərtəbələrdə yaşayanların varlığını sarsıdırdı. Küçələrdə nümayişçilərdən başqa kimsəni görmək mümkün deyildi. Bakının gələcək sahibləri müvəqqəti, bir neçə saatlıq da olsa, şəhəri tutmuşdular. Nümayişçilərə hüsn-rəğbət bəsləyən bütün xalq — məktəb uşaqları, ali məktəb tələbələri, qızlar, qadınlar belə nümayişçilər sırasında gedirdilər. Nümayiş dəstələri Naberejni küçəyə yönəlincəyə qədər polis tərəfindən heç bir müqavimət görmədilər. Lakin dəstələr Qubernator bağına sarı gedərkən çar nəfərləri öz vəzifəsini ifa etməyə başladılar. Qılınclar qınından çıxarıldı. «Yaşasın azadlıq, rədd olsun mütləqiyyət!» sözlərinə qarşı çar güllələri, kazak qamçıları qalib gəlmək istəsə də bacarmadı. Bakı proletariatı yağış kimi yağan güllələrin qabağında özünü itirmədi, geri dönmədi. Kazak zabitlərinin: «Tutun! Vurun! Qaytarın!» səsləri onun iradəsini sarsıda bilmədi. Bayraq daşıyanların üzərinə şiddətli hücum başlanmışdı. Qılınc, ağac, yumruq vuruşmaları şiddətli bir surətdə davam edirdi. Bayrağdarlar qızıl bayrağı möhkəm tutmuşdular, var qüvvələri ilə onu müdafiə edirdilər. Bayrağdarların birisi ancaq on iki qılınc yarası aldıqdan sonra bayrağı buraxdı. Naberejni küçədə sakitlik olurkən Telefonnı küçədə nümayiş başlandı. Axşam saat beş idi. Telefonnı, Stanislavski, Balaxanski və Kaspi küçələrində inadlı bir nümayiş başlandı. Pavluşa ilə Vasya yan-yana gedirdilər. Məmməd onlara yanaşıb soruşdu: – Səki ilə gedən Jenya deyilmi? Dönüb baxdılar. Səki ilə əlində zənbil bazardan yemək şeyləri alıb qayıdan bir ev qadını gedirdi, o, heç yana baxmır, soyuqqanlı bir surətdə yoluna davam edirdi. Pavluşa: – Oxşayır da, oxşamır da, — dedi. Məmməd: – Bu bığları qəbrə qoymuş ölüm ki, o Jenyadır! — dedi. Vasya Pavluşanın tapşırığına görə səkiyə çıxdı və saymazyana bir surətdə dedi: – Bu gün vəziyyət ciddidir. İşə qarışmasan yaxşıdır. Jenya: – Bu cür tövsiyələri Pavluşaya ver, — dedi. — Tez qayıt! Vasya qayıdıb nümayişə qoşulmaq istərkən Jenya onu səslədi: – Vasya, ayıq olun, gəlir!.. Vasya arxasına baxdıqda, pristav Qoqoberidzenin bir qorodovoyla əllərində tapança gəldiklərini gördü. Vasyanın əlində heç bir şey yox idi. Ölümdən və tutulmaqdan qurtulmaq üçün bir vasitə vardısa, o da dəstələrə qoşulmaq idi, lakin bu da mümkün deyildi, dəstə çox uzaqda idi, pristav isə ona yaxınlaşmışdı. Jenya Vasyanın qorxulu bir vəziyyətdə olduğunu və özünü itirdiyini görüb, dərhal həyət qapılarından birinin dalına keçdi. Zənbildə daşıdığı qara daşların birini çıxardı. Qoqoberidze özünü Vasyaya yetirərkən Jenyanın atdığı daş onun başına dəydi. Pristavın başı yarıldı. Bu halda Məmməd və Əsgər Qoqoberidzenin yanındakı qorodovoyun üstünə atılıb, qılıncını əlindən aldılar, özünü də yaraladılar. Jenya qapının arxasından: – Vurun, yoldaşlar! — deyə qışqırırdı. Nümayişçilər polislərə hücuma başladılar. Polislər bir saat əvvəl Tiflisdən Qafqaz canişini Qalitsindən aldıqları: «Nümayişçilərə rəhm edilməsin!» məzmunlu teleqrama əməl edə bilmədilər. Qılıncı qırılmış, qayışı boynunda qalmış, papağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar. Kazaklar bu hücumun xəbərini alıb gələnə kimi nümayişçilərin hərəsi bir tərəfə getmişdi. Qorodovoylar qayıdıb papaqlarını yerdən götürərkən kazaklar hadisə yerində atlarını o tərəf-bu tərəfə çapırdılar. Nümayiş bitdi. On iki nəfər qılıncla yaralandı. Bir çoxları tutuldu. Axşam saat səkkizin yarısında Bakı general-qubernatoru Balaxanı polis idarəsindən aşağıdakı telefonoqramı aldı: «Axşam saat yeddidə üç min nümayişçi əlində bayraq, inqilabi nəğmələri oxuya-oxuya dəmiryol stansiyasına tərəf irəlilədi. Kazaklar bayraqları almaq üçün ciddi surətdə hücum etdilər. Nümayişçilər onları daş və ağacla qarşıladılar. Vuruşmada polis müdirinin də başı yarıldı. Bu vaxt kazaklar xəbərdarlıq vermədən atəş açdılar. Bir nəfər fəhlə ölmüş, beş nəfər ağır yaralanmışdır. Yüngül yaralananlar 25 nəfərə qədərdir. Onlardan 12 nəfəri xəstəxanaya göndərilmişdir. Bir nəfər kazak, bir nəfər də polis məmuru yaralanmışdır. Fəhlələr çox inadlı və əsəbi bir surətdə rəftar edirdilər. Pristavlardan Şamşiyev çox böyük fəaliyyət göstərdi. Qırx nəfər fəhlə tutdu. Xindadze, Abram Eyrenberq, Drazdovski tutulanlar içərisindədirlər». * * * Nümayişdən sonra 1903-cü il aprelin 27-də keçirilən nümayiş Bakıda ümumi tətillər zəminəsini hazırladı. Bakı komitəsi, müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələri arasında həmrəylik duyğularının əmələ gəldiyini və inkişaf etdiyini gördü. Mayın birində ümumi tətil gözlənilirdi. Özünü itirmiş yerli hökumət işçilərin ortaya atdıqları tələblərə burjuaziyanı razı salmaq əvəzində, Rusiyanın başqa yerlərində olduğu kimi, Bakıda da fəhlələrin həmrəyliyini pozmaq işini əsas götürmüşdü. Çarın nökərləri şəhər camaatı arasına müxtəlif və qorxulu şayiələr yaymağa başladılar. Şəhərdə talanlar başlanacağı haqqında ciddi şayiələr buraxıldı. Şəhərdəki yəhudilər, Kişinyov hadisələrinin Bakıda da olacağı xəbərlərindən, ermənilər və müsəlmanlar isə erməni-müsəlman talanı baş verəcəyi ehtimalından qorxuya düşdülər. Bakı komitəsi müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələrini başa salmaq və bu şayiələrin hökumət və polis tərəfindən meydana atıldığını izah etmək üçün fəhlələr arasında ciddi iş aparırdı. Çar hökuməti inqilab hərəkatını boğmaq üçün talanlar düzəltmək işindən daha yüngül bir üsul tapa bilməmişdi. Bakıda, aprelin 27-də olan nümayiş bütün Rusiyada, eyni zamanda Zaqafqaziyada başlanmış inqilabi hərəkat ilə bir vaxtda olmuşdu. Buna görə də inqilabi hərəkatı boğmaq üçün hökumətin başqa yerlərdə həyata keçirdiyi xəyanətin Bakıda da təkrar olunacağına inananlar var idi. Bakı əhalisi, mayın birində olacaq nümayişin milli qırğınlarla qarşılanacağına inanırdı. Bunu nəzərə alaraq tətil komitələri, Bakı komitəsinin rəhbərliyi ilə may nümayişini şəhər içərisində deyil, şəhərdən kənar bir yerdə etmək üçün hazırlıq aparırdı. Tətil komitəsi mayın biri üçün müxtəlif dillərdə üç min nüsxə vərəqə çap etdirdi, fəhlələri 1 May günündə ümumi tətilə dəvət elədi. Mayın birində o vaxta qədər misli görülməmiş böyük tətil başladı: yalnız şəhərdəki zavodlar deyil, Qaraşəhər, Ağşəhər, Bayıl, Bibiheybət, Balaxanı və sair mədən dairələrində də tətillər bir-birini təqib etdi. Tətilə qoşulmayıb işləyən yalnız buruq fəhlələri idi ki, bunların da çoxunu yerli təşkil edirdi. Sahibkarlar bu tətillərə az da olsa müqavimət göstərmirdi, çünki aprelin 27-də olan nümayişin dəhşətini hələ unutmamışdılar. Bakı şəhəri mayın birinci günü qeyri-adi bir vəziyyət içərisində idi. Polis və qoşun hissələri öz qaydası ilə hazırlanmışdı. Mağazaların, dükanların bir çoxu bağlanmışdı. Küçələrə çıxan fəhlələr bayram münasibətilə təzə paltar geymişdilər. Hərə bir söz danışırdı. Dünənki danışıqlardan bir əsər də yox idi. Banklarda, birjada, neft-mazut və kurs söhbətləri getmirdi. Hər kəsin dilində intibahnamə, nümayiş, talan, qırğın, Kişinyov və başqa sözlər gəzirdi. Varlılar da: «Bu vəziyyət çox uzun davam etməz, biz böyük bir inqilab ərəfəsində durmuşuq», — sözünü təkrar edirdilər. Bu gün məktəb uşaqlarının və tələbələrin bir çoxu bayram etmişdi. Bakı komitəsinin ayıqlığı və tədbiri nəticəsində çar polisi milli talanlar və milli qırğınlar haqqındakı fikrini yerinə yetirə bilmədi. Qafqaz canişini Bakı polisinin yuxarı polis orqanları tərəfindən verilən tapşırıqları yerinə yetirməkdən aciz olduğunu hiss edərək, məşhur milli qırğınlar sənətkarı sayılan general Nakaşidzenin Bakıya təyin edilməsi üçün Peterburq ilə müzakirə aparırdı. Aprelin 27-dəki nümayişlərdən sonra Bakı burjualarından bir çoxu «May nümayişi daha şiddətli və qanlı olacaqdır» deyə şəhərdən çıxmağa, öz ailələri ilə Bakı bağlarına köçməyə başlamışdı. Aprelin iyirmi doqquzunda, axşam saat dörddə fəhlə hərəkatının ən qəddar bir düşməni, eyni zamanda həddindən artıq qorxaq olan Hacı Zeynalabdin Tağıyev də öz xanımı ilə Mərdəkan bağlarına köçməyə hazırlaşmışdı, lakin xanım ən inqilabi işçilərin yaşadığı mədən dairəsindən keçib Mərdəkana getməkdən qorxurdu. Bunun üçün də Hacının xanımı Bakının hərbi qubernatoru general Əlixanov Avarskinin xanımı Zərintac xanıma müraciətlə onları Mərdəkana qədər aparmaq üçün bir neçə kazak istəmişdi ki, bu da Bakı varlılarının həyəcanına səbəb olmuşdu. Hacının ailəsinin Mərdəkana köçməsini və onların kazakların müdafiəsi altında Bakıdan çıxmasını yerli xalq böyük həyəcanla qarşıladı. Avam camaat bunun bir hadisə ilə əlaqədar olduğunu və may günü qırğın və talan başlanacağını yəqin etdi. Hacının Bakıdan Mərdəkan kəndinə qaçması barəsində xalq şairlərindən maştağalı Ağababa aşağıdakı şeri yazdı: Dövlətliyəm, var dövlətim binəsab, Eyləmirəm heç bir şeydən ictinab, Onda ki, bu şəhərə düşər inqilab, Mən qaçaram Mərdəkana, nə vecimə? Aprelin iyirmi doqquzunda başlanan xırda tətillər iyulun ikisindən ümumi tətil şəklini aldı. İyulun 2-də birinci olaraq maşıngayıran zavodlarda tətil başlandı. Bu tətil tez zamanda bütün fabrik-zavod dairəsinə və ümumiyyətlə Bibiheybət mədənlərinə yayıldı. Bütün fəhlələr fabrik-zavod və mədənlərin qabağına toplanıb maaşlarının artırılmasını tələb etdilər. Tətil iyulun beşində dəmir yoluna da keçdi. Stansiyada həyat tamamilə dayandı. Minik qatarı belə yola salınmadı. Bakı qubernatoru məsələni Qafqaz canişininə xəbər verdi, cavabında aşağıdakı teleqramı aldı: «Dəmir yolunu yerli hərbi qüvvələrin müdafiəsi altında işlətməli, işləmək istəməyənləri qoşun vasitəsi ilə məcbur etməli!». Bakının neft həyatı söndü! Burjuaziyanın sandığına qızıl tökmək üçün yerin tərkindən mazut çəkən dolçalar dayanmışdı. Buruqların təpəsində fırlanan kəlləçarxların cırıltısı eşidilmirdi. Çarxların boğazına dolaşan qayışlar dincini alırdı. İnadlı motorlar və elektrik maşınları fəhlə sinfinə təslim olmuşdu. Buruqlar, xaraba məscidlərin minarələri kimi məhzun-məhzun baxır və üzərinə qonan bayquşlarla dərdləşirdi. Ayın altısında Neft Sənayeçiləri Şurasının sədri yerini dolandıran Taqianosov Tiflisdən başlamış Peterburqa qədər fəryad və həyəcanla dolu teleqramlar yağdırmağa başladı. O, yalnız neft məsələsinə deyil, ümumiyyətlə tətil məsələsinə qarışırdı. O, təkcə neft fəhlələrinin tətilini deyil, bütün tətilin boğulması üçün çar hökuməti qarşısında məsələ qoyurdu. O, Tiflisə belə bir teleqram göndərdi: «Bir neçə gündür ki, zavod və mədən dairəsində fəhlə hərəkatı başlanmışdır. Hələlik onlar işləyənləri məcburi surətdə işdən çıxarmaqla, çap olunmuş intibahnamələr vasitəsi ilə bir çox tələblər verirlər. Bu gün axşama yaxın fəhlələrin hərəkatı qorxulu bir rəng almışdı. Böyük izdiham (burada ləzgilər və müsəlmanlar da vardı) dəstə-dəstə Balaxanı meydançasına yığışırdı. Onlar yolda mədən əmlakını talan edir, rezervuarları sındırır, nefti axıdırdılar. Bütün mədənlərdə, zavodlarda işlər məcburi surətdə dayandırılmışdır. Şəhərdə bu gün səhərdən at dəmir yolu (konka) hərəkəti dayanmışdır. Bu saat neft mədənlərində yanğın başlanmış və qarət gedir. Mədənlər, zavodlar və şəhər əhalisi böyük bir iztirab içərisindədir. Məhəlli hökumətin əli altında lazımi qədər hərbi qüvvə olmadığı üçün asayişi saxlaya bilmir. Ona görə də qarət böyük miqyasda genişlənir. Bütün zavod və mədənlərin məhv olması qorxusu və hətta qanlı qırğın qorxusu da yox deyildir. Bakı qubernatorunun hərbi qüvvə tələb etməsi münasibəti ilə, sənaye sahiblərinin təcili iclası vəkaləti ilə neft sənayeçiləri şurası təkidli bir surətdə rica edir: işlərin qorxulu vəziyyətini nəzərə alaraq, istənilən qüvvənin tezliklə göndərilməsinə binaküzarlıq edəsiniz. Əslini imza etmişdir: Neft Sənayeçiləri Şurası sədri yerini dolandıran Taqianosov». Neft sənayeçiləri çar jandarmeriyası və çar polisi ilə əlbir işləyib, tətil hərəkatını qoşun vasitəsilə boğmağa çalışırkən, hərəkat daha da genişlənir, hər tərəfə yayılırdı. Fəhlələr, heç bir qorxu qabağında dayanmayaraq tətil komitəsinin göstərişi ilə hərəkət edirdilər. İdraklı fəhlələr, mədənlərin yandırılmasına və talan edilməsinə mane olmaq istəsə də, bir para başıpozuqlar yenə də yanğın və qarət işlərinə imkan verməyə çalışırdılar. Əsgər ayın altısında axşam saat doqquzda Jenya ilə görüşüb sabah tezdən Volçiye vorotada çağırılan mitinqə gedəcəyini xəbər vermişdi. Jenya tətil komitəsi tərəfindən çağırılan bu mitinqə getmək istəmirdi, çünki ayaqqabıları uzaq yol getmək üçün yaramırdı. Bu mitinqin olduqca izdihamlı keçəcəyi haqqında onun geniş məlumatı var idi. Mitinqin hazırlığı üçün tətil komitəsi on dörd min intibahnamə buraxmışdı. Restoran qulluqçuları çap olunmuş intibahnamələri, matrosların yaşayış yerlərinə qədər aparıb paylamışdılar. Tətil komitəsi, hökumətin fitnəkarlığına imkan verməmək üçün mitinqi şəhərdən kənarda çağırmışdı. Jenya səhər tezdən oturub düşünürdü. Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. Dünən bunu Əsgərə dediyi zaman, Əsgər ona: «Sabah səni Karantinni küçənin tinində gözləyəcəyəm, gələrsən, — demişdi. — Sənə təzə çust da alıb gətirəcəyəm, onu sən mənə dərs verdiyinə görə hədiyyə verəcəyəm». Jenya buna inanmırdı, inanmamağa da haqlı idi, çünki yoldaşlarının heç birisində pul yox idi. Böyük tərəddüdlə ayağa qalxdı, cırıq çustlarını ayağına taxıb, Karantinni küçəyə tərəf yola düşdü. Əsgər onu gözləyirdi. Jenya onunla görüşən kimi Əsgər cibindən bir cüt çust çıxarıb ona verdi. Çust çox zərif, qiymətli və gözəl olduğu üçün Jenyanın xoşuna gəldi. – Buna nə qədər verdin? – Nəyinə gərəkdir? – Bilmək istərdim. Çox yaxşı tikilibdir. – Bir manat 80 qəpik vermişəm. – Ucuzunu ala bilməzdinmi? – Bir halda ki, bunu almağa imkan vardır, daha nə üçün ucuzunu alaq? – Pula bir az qənaət etməli idin, heç birimizdə pul yoxdur. Sabah yenə ac qala bilərik. – Ac qalmarıq. Hələ məndə beş manat da var. – Haradandır? – Ərəbənin atı satılıb borca verildi. İki gün əvvəl atam ərəbəni də satdı. Mən ondan səkkiz manat borc aldım. – Nə üçün aldın? – Maaş alıb verərəm. – Sənin maaşın haradadır? – Bir gün işləyəcəyəm ya yox? Jenya oradaca təzə çustları geyib, köhnələri atdı. Birbaş Ayrapetin evinə getdilər. Onunla bərabər Volçiye vorotaya tərəf yola düşdülər. Volçiye vorotada Pavluşa və Vasya ilə də görüşdülər. Balaca bir təpənin üstündə oturub Məmmədin bağdan gətirdiyi xiyarla çörəyi yeməyə başladılar. İclasa az adam gəlmişdi. İclas yeri Balaxanı — Sabunçu və Suraxanı fəhlələrinə uzaq olduğu üçün iyirmi min əvəzinə ancaq beş-altı min adam toplanmışdı. Yeddi nəfər natiq çıxış etdi. Onlar öz nitqlərində tətilin və siyasi mübarizənin burjuaziya istismarına qarşı ən kəskin bir silah olduğunu qeyd etdilər. Qəza naçalniki, zabitlər, bir neçə yüz də kazak orada durmuşdular. Çıxışlar iki saat davam etdi. Kazaklar tez-tez şeypur çalırdılar. Vasya hər dəfə bu səsləri eşitdikdə yoldaşlarına deyirdi: – Gəliniz çəkilib gedək! Jenya ondan soruşdu: – Nə üçün çəkilib gedək? – Mən soldat olmuşam. Onun üçün də deyirəm ki, gəlin çəkilib gedək, çünki şeypurun səsi çox qorxulu söz oxuyur. Məmməd Pavluşadan soruşdu: – Pavluşa, sənin fikrin nədir? Gedək, ya dayanaq? Pavluşa Məmmədin üzünə tərs-tərs baxaraq dedi: – Sən də Vasya kimi şeypur səsindən qorxursan? Məmməd adəti üzrə gözlərini yumub güldü: – Mənim qorxub-qorxmadığımı soruşmazdan əvvəl bilmirdin? – Bilirdim. Ancaq son günlər Vasya ilə çox oturub-durursan, bəlkə də onun xasiyyətləri sənə keçib. Vasya acıqlandı: – Ay əbləhin birisi, kazakların şeypur səsindən qorxmuram, şeypurun dediklərindən qorxuram. «Hazır olun!» sözlərini eşitdiyim üçün buradan çəkilməyi məsləhət görürəm. Jenya: – Hər kəs bu səsi sənin kimi düşünsə, çəkilib getsə, daha burada kim qalar? – Sənin kimi, Pavluşa kimi həqiqi inqilabçılar! Vasya bu sözləri deyərək güldü, Jenya isə: – Sən mənim həqiqi inqilabçı olub-olmadığımı yaxşı bilirsən, — dedi. — Mən sənin xatirin üçün inqilabçı olmamışam. Buna görə, sözlərinin mənim yanımda heç bir əhəmiyyəti yoxdur. Get sözlərini Pavluşaya söylə, sənin sözün ancaq onun başına girə bilər. Pavluşa heç bir söz demədi, Vasya ilə Jenyanın başladığı yersiz mübahisəni genişləndirmək istəmədi. Jenya onun sükutuna, Vasyanın fikri ilə razılaşmaq kimi məna verdi. Pavluşaya acıqlandı, Əsgərin qolundan tutub: – Gəl gedək, — dedi, — başqa natiqləri də dinləyək! Bunu deyib Əsgəri çəkib apardı. Ayrapet Vasyaya acıqlandı: – Bilmirəm sən bu qızdan nə istəyirsən? Mən neçə dəfədir ki, sənin bu qıza hücum etdiyini görürəm. Sənin buna haqqın vardırmı? Minlərlə xalq bura yığılıb çar hökumətinə və burjuaziyaya hücum hazırladığı bir gündə sən, bütün həyatını mübarizə yolunda qoyan bir qıza hücum edirsən. Sən heç bilirsənmi o necə yaşayır? Sən bilirsənmi o ayaqyalın olduğu üçün iclasa gəlməkdən utanır? Sən bilirsənmi onun özü də ac, evdəki qocaları da acdır? Sən bilirsənmi biz onun özünə bildirməyərək, adam başına otuz qəpik yığıb ona çust aldırmışıq? Yenə sən onu görən kimi sancırsan... Vasya əlindəki papirosu qırıb yerə atdı: – Nahaq yerə ona ayaqqabı almısınız, — dedi. Ayrapet dəlicəsinə acıqlandı: – Niyə nahaq yerə? Onda ki, Sergey Vasiliç naxoş deyildi, onda ki, birinci usta idi, onda ki, hər gün isti xörəyi, qarın dolusu çörəyi var idi, yığılıb onun süfrəsinin başında azmı qarnımızı doyurmuşuq? Sən görürdün ki, Sergey Vasiliçin canı sağlam olduğu zaman, kasıb da olsa, gözünün ağı-qarası olan bir qızını gül kimi saxlayırdı? İndi biz yediyimiz çörəyi və məslək yoldaşlığını unutduqmu? Biz onun qadını Annanın qanadı altında böyüdüyümüzü yadımızdan çıxartdıqmı? Ah, Vasya, Vasya!.. İndi biz onun ayaqyalın qızına bir manat həştad qəpiklik ayaqqabı alanda böyük bir işmi görürük? Vasya: – Böyük bir səhv edirik, — dedi. — Onun ayaqqabısı olsa, yenə də gedib soldat bazarındakı ev qulluqçularına qoşulacaq, onlarla tum çırtlayacaq. Pavluşa bu sözləri diqqətlə dinləyir və papirosunu çəkirdi. Onun nə Jenyaya, nə də Sergey Vasiliçə kömək etməyə imkanı yox idi. İşsiz idi. Ayrapet dedi: – Sən bilirsən ki, Jenya ayaqqabının bu yol ilə alındığını bilsəydi qəbul etməzdi. Əsgər ayaqqabını ona dərs verdiyinə müqabil alıb bağışladığını söyləyib qəbul etdirmişdir. O ki qaldı Vasyanın həmişə ona hücum etməsinə, mən bu barədə Vasya yoldaşa bir neçə dəfə demişəm, yenə də deyirəm. Mənimlə Jenyanın dostluq əlaqəmizə aid məsələlərdə Vasya gərək araya girməsin. Bizim Jenya ilə küsdüyümüzə gəldikdə o da bizim ikimizə aid məsələdir. Vasya gözlərini qıyıb onun üzünə baxdı: – Bu nə deməkdir? Biz sizinlə yoldaş deyilik? – Bəli, yoldaşıq! – İndi ki, yoldaşıq, indi ki xalq bizi bir yerdə görür, indi ki, biz bir cərgədə gedirik, bir yoldaşda olan ləkə o biri yoldaşın da üstünə yapışa bilər. Bir halda ki, bizim yoldaşımız ev qulluqçularına qoşulub gəzir, biz buna soyuqqanlılıqla baxmamalıyıq. Məmməd əllərini belinə qoyub təəccüblə Vasyanı gözdən keçirdi: – Vasya, acığın gəlməsin, — dedi, — doğrusu sən şübhəli adama bənzəyirsən! – Bəli, şübhəli adamlara bənzəyirəm. Niyə də şübhəli adam olmayım? Atam general, anam Rusiya şahzadələrindən, özüm də kadetski korpusu qurtaran bir ofiser... Vasya bunu deyib Məmmədin başına bir qapaz da saldı. Bu sözlər Məmmədi sakit etmədi, Vasyaya çox kəskin cavab verdi: – Vasya, mən savadsız adamam, amma bir çox şeyləri sənin kimilərindən daha yaxşı anlayıram. Biz generalları, Rusiya şahzadə xanımlarını, kadetski korpusda oxuyanları paltarları üçün, adları üçün rədd etmirik, onlarla mübarizəni bunun üçün aparmırıq. Mübarizəmiz əqidə mübarizəsidir. Sən çox da fəxr etmə ki, general oğlu deyilsən, anan rəhmətlik də rus şahzadəsi olmayıb, özün də kadetski korpusu qurtarmamısan. Sənin Jenya haqqındakı fikrin başdan-ayağa ağaların bizim haqqımızda olan fikrinə oxşayır. Səninlə Jenyanın gəzdiyi ev qulluqçuları arasında nə fərq vardır? Sən özün nəsən, nökər deyilsənmi? Sənə deyirəm, Vasya, ayıq ol, bu xasiyyətin üstündə bir gün partiya sənin qulağından tutacaqdır. Məmməd bunu deyərək onlardan ayrıldı, Jenya və Əsgərin dalınca getmək istədi. Vasya: – Dayan! — dedi. — Bütün dediklərinə şərik oluram. Dayan! Buradan birbaş Stepan Razin dağındakı mitinqə gedəcəyik. ...Natiq nitqində davam edirdi. Kazak zabiti bir neçə dəfə natiqlərə yanaşıb, «qurtarın» — dedi. Lakin natiqlər buna əhəmiyyət verməyib mitinqi davam etdirirdilər. Mitinq qurtardı. İştirak edənlərin hamısı sakitcə dağılmağa başladı. Bu vaxt qızıl bayraq açıldı. Hamı qızıl bayraq tərəfə yönəldi. Vasya, Pavluşa, Məmməd və Ayrapet də qızıl bayrağa tərəf yüyürdülər. Vasya qızıl bayrağı Jenyanın əlində gördükdə şadlığından yenə də «Yaşasın Jenya» deyib bağırdı. Məmməd Vasyaya yanaşıb dedi: – İndi Jenyanı yaxşı tanıdın ki?! Aralıq qarışdı. Kazaklar bayrağdan əsla xəbəri olmayan üç nəfəri tutdular. * * * Jenya yenə də gecələmək üçün general Əlixanovun evində xidmət edən Serafimanın yanına gəlmişdi. Gecələmək üçün bundan əlverişli bir yer yox idi. Əlixanovun arvadı Zərrintac xanım da onu sevir və Serafimanın yanında gecələməsinə və orada yeməsinə mane olmurdu, çünki Jenyanın özü də orada lazımi işlər düşdüyü zaman Serafimaya kömək edir, özünü istədirdi. İyul tətilləri münasibətilə, Peterburqdan daxiliyyə nazirinin köməkçisi general-leytenant Fon-Val təcili surətdə Bakıya gəlmişdi. Generalın əmrinə görə, bu gecə Əlixanovun evində mühüm bir iclas çağırılmışdı. İclasda polis və jandarm idarəsi rəhbərləri, fabrik-zavod müfəttişi Kiselyov və başqaları iştirak edəcəkdilər. İclasdan sonra da daxiliyyə naziri köməkçisinin şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Ziyafətdə nazirə təqdim olunmaq üçün yüksək mövqe tutan neft sahibləri və ümumiyyətlə sənaye burjuaziyası nümayəndələri iştirak edəcəkdi. Generalın evindəki bu ziyafətdə, Zərrintac xanımın əmrinə görə, ev qulluqçusu Serafimanın yanında yaşayan Klavdiya da (Jenya) işləyirdi. Qonaqlar, pəncərələri dənizə baxan geniş bir otaqda yerləşmişdilər. Bakının iyul gecəsinə məxsus istilər paytaxtdan gələn qonağın başındakı qarma-qarışıq fikirləri daha da qarışdırırdı. O, üzünün tərini silib Bakı fabrik-zavod müfəttişi Kiselyova tərəf baxdı və soruşdu: – Siz mənə ümumiyyətlə Bakıda 1903-cü ilin tətilləri haqqında ətraflı məlumat verə bilərsinizmi? Kiselyov özünü düzəldərək: – Bəli, möhtərəm cənab, verə bilərəm! — dedi. Portfelini qurdaladı, oradan yazılı bir məruzə çıxartdı və oxumağa başladı: «Mən, 1903-cü ilin tətillərini ətraflı surətdə təsvir etmək üçün Bakı quberniyası jandarm idarəsinə verdiyim 10 nömrəli məxfi məktublarımdan başlayacağam. 1903-cü ilin gözə çarpacaq birinci tətili iyun ayının on səkkizində günortadan sonra Xatisov zavodunda və başqalarında başlanmışdı. O zaman fəhlələrin tələbatı bundan ibarət idi: Podrat (götürə) işlərin qiyməti maşınqayıran zavodun götürə işləri ilə bərabər olmalı; günəmuzd iş maaşı artırılmalı; götürə iş, fəhləyə əl vermədikdə, onu işləməyə məcbur etməməli! Bu tələblər verildikdən iki gün sonra tətilçilər tələblərini dəyişərək, ancaq zavod müdiri Kinzburqun vəzifəsindən kənar edilməsini tələb edirdilər. Nəhayət, bunlar iyunun iyirmi beşində işə başladılarsa da, iyulun ikisində yenə də tətil etdilər. Lakin onların son tələbləri təkbaşına tələb deyildi; o tələblər tətilə qoşulan başqa zavodların tələblərilə müvafiq idi. Həmin gündə Eyzenşmidt zavodunda, gündüz saat üçdə tətil elan olundu. İyulun üçündə günortadan sonra maşınqayıran zavodda, dəmiryol deposunda da işi buraxıb tətilə başladılar. Saat 12-dən sonra, Nobel zavodu fəhlələri tətilə qoşuldular. Həmin bu saatlarda Tağıyev fabrikində də tətilə başlamaq istəmişlərsə də, Hacı özü fabrikə gedib iranlı fəhlələri utandırmış və tətilin qarşısını almışdı. Nəhayət, iyulun yeddisində, Tağıyev fabrikinə girməyə müvəffəq olan təbliğatçılar fabrikdə yeni tətil düzəltmişdilər. Mirzəbəyovun zavodlarında da işlər dayandırılmışdı. İyulun altısında isə bütün zavod dairəsi tətilə başlamışdı. Mən bunu da qeyd etməliyəm ki, tətil edən fəhlələr nə çığır-bağır edir, nə də əsəbiləşirdilər. Onların tələbləri gözdən keçirilirkən, hər kəs öz şikayətini göstərirdi. Verilən tələblər, ümumi iclaslarda müzakirə edilmədiyinə baxmayaraq, bütün zavod dairəsinin verdiyi əsas tələblərdə güzəştə gedilməyəcəyi yazılmışdı. Zavod sahibləri də əsas məsələlərdə güzəştə getməyəcəklərini bir ağızdan söyləyirdilər. Yalnız Xatisov zavodu güzəştə gedərək, birinci tətil günlərinin yarı muzdunu vermişdi. Buna görə də bir çox zavod sahibləri tətilçilərə güzəştə gedərək, günəmuzd işlərdən başqa işlərin muzdunu artırdılar. Mən bu söylənilənləri öz vaxtında Bakı jandarm idarəsinə xəbər vermişəm. Mən burada nazir cənablarına özümün bu tətil zamanı nə qədər əziyyət çəkdiyimi təsvir etmək üçün Xarkov dairəsi fabrik müfəttişi cənablarına göndərdiyim gizli teleqramları da göstərə bilərəm. Budur, sizə teleqram nümunələrini oxuyuram: «Məxfi. Xarkov dairəsi fabrik müfəttişi zati-alilərinə. Bakının bütün zavod və mədən dairələri gözlənilməyən bir tətilin içindədir. Bu səbəbdən də vaxtım olmadığı üçün sənaye şöbəsinə göndərdiyim teleqramların surətini sizə göndərirəm. Səhərdən axşama qədər vaxtımı fəhlələrlə müsahibədə, axşamları isə vali cənablarının yanında iclasda keçirməkdəyəm». Kiselyov sonra nazirə başqa teleqramları da oxudu: «12 iyul. Üç zavodda tətil, işçiləri altı yüz nəfərə qədər. Maaşın artırılması; hələlik asayiş». «4 iyul. Ağşəhər dayanmış. Tətillər artır. Maaşın artırılması tələb edilir. Yarım aylıq maaşın qabaqca verilməsi. Razılaşma baş tutmur. Mədən fəhlələri də dəmiryol deposu fəhlələrinə qoşulurlar. Dəmir yolunda iş dayandırılmış. Qatarlar hərəkət etmir. Qoşun çağırılmışdır. Qoşun azdır. Böyük nizamsızlıq gözlənir». «7 iyul. Mexaniki emalatxanalar, çövhər zavodları, konka parkı, tərsanələr, fabriklər, neft mədənləri dayandırılmış. Su təmizləyən və elektrik stansiyasının dayandırılması gözlənilir. Şəhərdən kənar hər gün yığıncaqlar. Kontorların dayandırılması təşəbbüsü. Qəti təlimat gözləyirəm». – Cənab nazir! Bu cür teleqramlar həddindən artıqdır. Hərgah nazir cənabları bununla maraqlanırsa, bunların hamısını nəzərdən keçirmək və sizə məlumat vermək üçün katibinizə təqdim edə bilərəm. Mən öz vaxtında işə girmək istəyənlərlə tətili davam etdirmək istəyənlər arasında toqquşmalar olduğunu, tətil günlərinin maaşını almaq haqqında fəhlələrin arzularını, dəniz hərəkatının dayanmasını, şəhərdəki ruh düşkünlüyünü və başqalarını tamamilə yazmışam. Mən fəhlələrin başlıca tələbləri haqqında hələ 27 iyun tarixli, 4 nömrəli məktubumda yazıb göstərmişəm. İyul tətilləri o qədər mürəkkəbdir ki, bu tətillərin tələblərini bir-birindən ayırmaq mümkün deyildir. Demək olar ki, tətillər əvvəlcə sakit bir surətdə keçirdi. Bir çox yerlərdə fəhlələr özlərini sakit aparırdılar. Lakin son günlərdə işlərin şəkli tamamilə dəyişdi, tətil etməyən zavodlardan bir çoxunu təhdidlə dayandırdılar. Fəhlələr böyük dəstələrlə zavodlara girib işin dayandırılmasını müdirlərdən tələb edirdilər». Kiselyov sözlərini bitirməmişdi ki, elektrik işıqları söndü. Yarım saatdan sonra jandarm miralayı gəlib elektrik stansiyasının tətil etdiyini, fənər yandıran işçilərin də şəhər fənərlərini keçirib tətilə qoşulduqlarını xəbər verdi və günün hadisələri barəsində aşağıdakıları söylədi: – Şəhər qorxulu bir vəziyyətdədir. Fəhlələr şəhərə hakimdirlər. Tağıyev fabrikinin tətil etmiş fəhlələri Şibayevin zavoduna hücum edib, işi dayandırmağı tələb etmişlər. Bunların arasında şiddətli toqquşmalar olmuşdur. Kazaklar işə mane olanlara iki dəfə atəş açmışlar. Bir neçə nəfər yaralanmışdır. Bütün həyat dayanmışdır. Şəhərdə süpürgəçilər, rənkçəkənlər belə tətil etmişlər. Təəssüf ediləcək hallardan birisi də budur ki, tətilin zəhərli mikrobları Bakı polisi arasında da görünməkdədir. Şəhərin qorodovoylarından bəziləri tətilə hüsn-rəğbət göstərir. Təəssüf ediləcək ikinci bir məsələ də odur ki, Zubatov təşkilatı öz nüfuzunu itirmişdir. Onlar tətili içindən dağıtmaq üçün tətillərdə iştirak etmək istəmişlər, lakin fəhlələr buna razı olmamışlar. Jandarm miralayı hələ çox uzun danışacaqdı. Lakin nazirin uzun danışıqları dinləməyə imkanı yoxdu, çünki həm lampanın, həm də Bakının istisi naziri uzun vaxt oturmaq və rahat olmaq imkanından məhrum etmişdi. O, bir kərə: – Sabah sizi Mərdəkanda, Hacı Zeynalabdin Tağıyevin bağında qəbul edəcəyəm, — dedi və ayağa qalxdı. Nazir köməkçisini, qubernatoru və general Əlixanovu Hacının bağına ötürmək üçün gələn faytonlar, iyirmi nəfər də atlı kazak bir saatdan bəri qapıda durub gözləyirdi. Qonaqlar faytona minib getdilər. General Əlixanovun hazırladığı yemək həm qaranlıq, həm də isti olduğundan yeyilməmiş qaldı. Jenya və Serafima evi təmizləmək üçün içəri girdilər. Stolun üstünə və evin başqa yerlərinə bir çox kağız tökülmüşdü. Jenya kağızları yığarkən general Fon-Valın oturduğu yerdə bir kağız parçası tapdı və diqqətlə oxumağa başladı: «Tətilçilərin tələbləri tamamilə rədd edilməlidir. Sahibkarlar onlara heç vəchlə güzəştə getməməlidirlər. Bakı polisi və qoşun dəstələri işə başlamalıdırlar. Cənab Pleve və Vitte cənablarının da fikri budur!». * * * İyul tətillərinə qarşı Tətillərə qarşı soyuqqanlılıqla hərəkət edən yerli hökumətin siması dəyişdi. Polis və neft sənayeçiləri öz arxasında silahlı çar qoşununu gördülər. Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. Polis yenə də həyasızlığa təkan verdi, küçələrdə ayrı-ayrı və xırda fəhlə dəstələrini döyməyə və qamçı zoruna dağıtmağa üz qoydu. Lakin tətil yenə də ruh yüksəkliyi ilə davam edirdi. Şəhər susuzdu. Su verən maşınlar dayanmışdı. Kazaklar su işçilərini qamçı və qılınc vasitəsilə işlətməyə başladılar. Elektrik stansiyası çoxdan dayanmışdı. Burjuaziyanın böyük salonlarında gözü qamaşdıran işıqlar görünmürdü. Burjuaziyanın toplandığı və kef çəkdiyi klub, Kazino və Metropol otelinin salonları da qaranlıqda qalmışdı. Elektrik stansiyalarını matroslar vasitəsilə işə saldılar. Konkanı işlətmək üçün küçə səfillərini topladılar. Hər konkada iki nəfər tüfəngli soldat oturdu. Dəmiryol ustaları Zakaspidən gətirilmiş bir tabur qoşun vasitəsilə işlədilirdi. Hökumət dəmiryol fəhlələrinin qulluqdan çıxarılmasını elan edirsə də, haqq-hesabını almaq üçün ancaq 18 nəfər yazılır, çalışmaq istəyənləri yoldaşları döyür, jandarmlar isə «Rədd olsun çar jandarmları!» sədaları ilə qarşılanırlar. Dəmiryol müdiri ilə danışmaq üçün üç min nəfərlik bir fəhlə dəstəsi yola düşdü. Onlar depoya çatıncaya qədər dörd-beş min nəfər oldular. Neft sahibkarları ilə də müzakirə başlandı. Balaxanı fəhlələrinin tələbnamələri hazırlanıb sahibkarlar sovetinə verildi. Verilən tələblər qismən bir-birinə oxşayırdı. Neft sahibkarları bu tələbnamələri müzakirə edib dedilər: «Bu tətil deyildir. Bu fəhlələrin bir hissəsinin o biri hissəsinə təzyiq etməsidir». Bununla da fəhlələrin tələblərini əsasən rədd etdilər. Neft sahibkarları və fabrik-zavod sahibləri Plevenin Peterburqdan göndərdiyi əmrə itaət etməkdə idilər: «İşçilərə heç bir güzəştə gedilməsin!» Bu əmr gəldikdən sonra liberal burjua çar polisinin qucağına atıldı. İyulun 13-də hökumət şəhər və mədənlərin divarlarına belə bir elan yapışdırdı: «Hər kəs iyulun 14-də səhər saat 6-da işə gəlməsə, qulluqdan çıxarılmış hesab ediləcəkdir. İşlər başlandıqdan sonra fəhlələrin ehtiyacı nədə olduğuna baxılıb mümkün olan qədər təmin ediləcəkdir». Hökumət, bildirişi ilə fəhlələrə heç bir şey vermədiyinə baxmayaraq, şirkət müdirləri bu elanlarla da razılaşmadılar. Onlar özləri yığışıb başqa bir saziş düzəltmək istəyirdilər; sahibkarlar isə bunu qətiyyən rədd etdilər, bunun qorxulu olduğunu söylədilər. Buna görə də əvvəlcə xırdaca güzəştlərə getmək istəyən şirkətlər belə, «heç bir güzəştə getməməli!» şüarını meydana atdılar. Hökumətin və burjuaziyanın bu hərəkətinə qarşı fəhlələr həyəcana gəldilər, mədənlər yandırıldı. Fəhlələrin verdikləri tələblər o qədər zəruri tələblər idi ki, müəssisə sahibləri gec-tez onları qəbul etməli idilər. Polis və qoşunun təzyiqinə baxmayaraq, qəhrəman və inadkar fəhlələr mədən dairəsindən çıxmadılar. Polis və qoşun mədənləri müdafiə etmək istəsə də, hökumətin əmrindən acığlanan fəhlələrin qarşısını almaq mümkün olmadı. Məsələnin ciddi olduğunu, hökumətin «güzəştə getməmək» barəsindəki əmrinin qorxulu və yanlış olduğunu ən əvvəl Nobel şirkəti anladı və bir təmimnamə buraxdı. «Nobel qardaşları şirkətinin müdiriyyəti tərəfindən: Bütün qulluqçu və fəhlələrin nəzər-diqqətinə! Nobel qardaşları şirkəti, özünün dörd yüz illik mövcudiyyəti ərzində zəhmət şəraiti və işçilərin halını yaxşılaşdırmaq üçün əlindən gələn tədbirləri görmüşdür. Müdiriyyət bunu da qeyd edə bilər ki, maaş təyin etmək və fəhlələrin halını yaxşılaşdırmaq işində Nobel şirkəti bütün neft şirkətlərindən irəlidə gedərək daim fəhlələri təmin etmişdir. Ümumi tədbirlərdən ötrü şirkət ayrı-ayrı fəhlələrin də ricalarını dinləyərək əməl eləmişdir. Hal-hazırda fəhlələr öz ehtiyaclarını bildirmək üçün qanuna və müdiriyyət rəyinə müvafiq olmayan bir yol intixab etmələrinə baxmayaraq, onların tələbnamələrinə baxılmış və baxışın nəticəsi onlara bildirilir: Bayramların sayı hökumət tərəfindən təsdiq edilən normaya qədər azaldılacaq və ya bayram günlərinin siyahısı elan ediləcəkdir. Bayram axşamları iş bir saat tez qurtaracaqdır. Maaşlar iş üstündə veriləcəkdir. Ezamiyyətə göndərilən adamlara maaşa nisbətən gündəlik pulu veriləcəkdir. Zavod və mədən emalatxanalarında bu qış xüsusi yerlər tikiləcəkdir; (burada fəhlələrin paltarları qoyulmaq üçün şkaflar, kub, əluzyuyan, yemək vaxtı emalatxanada qalan fəhlə üçün stol və stul qoyulacaqdır). Bu yerdə işə tez gəlmiş fəhlələrin iş zamanına qədər oturub gözləməsi də mümkün olacaqdır. Fəhlələrdən daimi heyət təyin edilmişdir. Bunlara haqq-hesab dəftərçələri verilmişdir. Zavod və mədən emalatxanalarında çalışan şagirdlər fəhlə dərəcəsinə keçiriləcək, maaşları isə qabiliyyətlərinə görə təyin ediləcəkdir. Fəhlələrin sığorta edilməsi, xəstəlik zamanı və şikəst olduğu vaxt müavinət edilməsi qanunu hökumət tərəfindən təsdiq edilmişdir. Bu qanunu elan etmək üçün Neft Sahibkarları Şurası tərəfindən hazırlanmış kassa nizamnamələrinin təsdiqi gözlənilir. Bu nizamnamələr təsdiq olunduqdan sonra fəhlələrin xəstəxana və sığorta kassaları təxirsiz olaraq işə başlayacaqdır. Səyyar doktorların və mamaların sayını artırmaq, xəstələri rahat faytonlarda aparmaq, kitabxana, qiraətxana, xalq evləri, poçta-teleqraf kontorları açmaq, məktəblərin sayını artırmaq məsələsinə gəlincə, bunlar hər bir neft sahibkarının ümumi işi olduğu üçün tədricən icra ediləcəkdir. Şirkət bu şərtlərin neft sahibkarları şurası tərəfindən təmin edilməsi üçün əlindən gələn tədbirləri görəcəyini vəd edir. Fəhlələrin öz ehtiyaclarını qanuni bir surətdə bildirmələri üçün həmin il iyul ayının 10-da müəssisələrdə fəhlələr şurası təşkil etmək xüsusunda hökumət tərəfindən təsdiq edilmiş nizamnaməni öz zavod və mədənlərində tətbiq etmək üçün şirkət icazə almışdır. Fəhlələr şurası seçmək üçün bütün fəhlələr dərəcələrə bölünəcək və öz aralarından nümayəndə seçəcəklər. Bu nümayəndələr, fəhlələrlə şirkət arasında vasitəçi olaraq fəhlələrin yaşayış vəziyyətinə aid məsələləri aydınlaşdıracaqdır. Şuranın seçilməsi cənab Bakı qubernatoru tərəfindən təsdiq edilmiş qanuna görə avqustun 25-dən sentyabrın 24-nə qədər olacaqdır. Oktyabrın birindən şura işə başlayacaqdır. Şura haqqındakı qanunlar fəhlələrə bildiriləcəkdir». İyul tətilləri bitdi. Hökumət fəhlə sinfinin qazandığı müvəffəqiyyətləri jandarm qamçıları gücü ilə boğmağa müvəffəq olsa da, əsas qələbəni fəhlə sinfinin əlindən ala bilmədi. O qələbə fəhlə sinfinin həmrəylik qələbəsindən ibarət idi. İyul tətilləri zamanı bu həmrəylik nəticəsində tətil hərəkatı o qədər genişləndi ki, tətil komitəsi hərəkatı idarə etməkdən aciz qaldı. Bu tətillərdə bir çox müəssisələrin fəhlələri ancaq başqa müəssisələrdəki yoldaşlarını müdafiə etmək üçün tətilə qoşuldular. Bu tətilin qazandığı qələbələrdən birisi də ən geridə qalmış və təşkil olunmamış minlərlə yoxsul və küçə səfillərinin hərəkata qoşulmasından ibarət idi. Hamballar, küçə süpürənlər belə öz səsini fəhlələrin ümumi səsinə qarışdırdılar. Çar hökuməti ümumi həmrəyliyi pozmaq məqsədilə dustaqxanaların sayını artırmağa, həmrəylik yaratmaq işində çalışan fəhlə rəhbərlərini tutmağa başladı. Bakıda tutulan fəaliyyətli və dəyərli fəhlə rəhbərlərinin içərisində gənc Montin də var idi. Bakı jandarmeriyası Montini avqustun 11-də tutmuşdu. Avqust ayında çar jandarmlarının terroru başlandı. Yalnız Bakıda deyil, bütün Zaqafqaziyada fəhlə rəhbərlərini tutmağa və sürgünə göndərməyə başladılar. Avqust ayının 23-də Jenya şəhərdə idi. O, Tiflisdən gələn yoldaşlarla görüşdü. Oradan gətirilən xəbərlər Jenyanı son dərəcə mütəəssir etdi. Əsgəri, Vasyanı, Ayrapeti və başqalarını tapdı. Pavluşaya xəbər verilməsini də onlara tapşırdı. Balaxanı — Sabunçu dairəsində Sergey Vasiliçin evinə toplanıb, Tiflisdən gətirilən xəbərləri oxumaq üçün sözləşdilər. Jenya da öz evlərinə getməyə məcbur idi. Sergey Vasiliçin xəstəliyi şiddətlənmişdi. Axşama bir neçə saat qalmış hər birisi başqa yolla Sergey Vasiliçin evinə yığıldılar. Məmməd də kənddən gəlmişdi. Sergey Vasiliçkilə üzüm, incir və çörək gətirmişdi. Sergey Vasiliç ancaq bu gün Montinin tutulması xəbərini eşidib, Pavluşadan soruşdu: – Tiflisdən nə xəbər var? – Elə bir xəbər yoxdur. – Ladonu buraxıblarmı? – Xeyr, buraxmayıblar. – Bəs Koba yoldaş haradadır? – Onu da tutublar. Sergey Vasiliç bir ah çəkərək dedi: – Daha kiminiz qaldı ki? Jenya ehtiyatlı bir surətdə dedi: – Onlar dustaqxanada olsalar da, bizə rəhbərlik edəcəklər. Lakin zalım çar jandarmları Lado yoldaşa dustaqxananı da çox gördülər. Jenyanın bu sözü yalnız Sergey Vasiliçi deyil, hamısını heyrətə saldı. Ayrapet soruşdu: – Tiflisdən bir xəbərmi var? Jenya: – Bəli, var... Tiflisdən gələn qəmli bir məktub və onunla bərabər göndərilən oçerki sizə oxuyacağam. Ayağa qalxdı və redikülündən bir kağız çıxarıb oxumağa başladı: «1903-cü il, 17 avqust. Günəş «Müqəddəs Ninanın» üzüm ağacından qayrılmış əsasını müdafiə etməkdə olan Siyon soborunun yüksək gülləsi üzərində durduğu, əski Tiflisin dar və əyri-üyrü küçələrinə baxdığı, yeraltı kanallara bənzəyən örtülü bazarları işıqlandırmaq istədiyi vaxt, onun parlaq və əlvan zərrələri insanın qəlbinə əvvəlki nəşələri verə bilmirdi. Qanlar, qurbanlar verən tarixin bütün façiələrini qucağında kəzdirən, min beş yüz il müddətində bir çox feodalların əlinə keçən, Xəzər atlılarının dırnaq səsini dinləyən, Hunların dəhşətini zehnində yerləşdirən, Bezansın xaçları kölgəsində gələn silahlarına başını verən, İran şahlarının axınları qarşısında milli varlığını məzarlara kömən, monqolların mal quyruğundan qayrılmış qamçılarına qabırğalarını açan, ərəb komandanının 24 saatlıq ultimatumuna təslim olan, səlçuq türklərinin istila günlərini görən əski Tiflis heç bir zaman günəşi bu gün olduğu kimi heyrətli, həyəcanlı görməmişdi. Günəşin bu açıqlı baxışı, xorasanlı Soltan Cəlaləddinin taxt-rəvan içində Tiflisə girdiyi, taxtını Siyon soborunun gülləsi üzərində qurub Tiflis xalqının ümumi qətlində Xorasan qoşununun göstərdiyi dəhşətlərə tamaşa etdiyi gündəki baxışına bənzəyirdi. Günəşin bu baxışı olduqca açıqlı və qəmkin idi. O, Metel kilsəsinin cəvarında riyazət çəkən və əziyyət içərisində özünü torpağa təslim edən «müqəddəs Şuşanikin» məzar daşına işıq saldığı vaxt, sanki həyat altıncı əsrlərə qayıdır və Tiflis şəhəri Şuşanik dövrünün əziyyətli günlərini xatırladırdı. Kilsələrin xırda və böyük zənkləri səslənirdi. Məbədlərin daş pilləkanlarından aşağı düşənlər, sanki İsarrın Bezans məbədindən — Ançaxat kilsəsinə gətirdiyi — ikonanın ziyarətinə tələsirdi. Günəş yüksəlirdi, «müqəddəs Davud» kilsəsində yatan Suriya missionerinin qəbir daşına təzə-təzə işıq salırdı. Knyaz Qalitsinin üsul-idarəsi təzyiqini həzm etməyən Tiflis yenə də əski şəklində yaşayırdı. O, sınıq hasarlar, yüz dəfələrlə əldən-ələ keçən qələlər içərisindəki məscid və kilsələri qucaqlayıb durmuş, günəşin qeyri-adi baxışlarını gözdən keçirirdi. Siyon soborunun dəmir şəbəkəli pəncərələri çar Quriyanın gülləsindəki baçalarla üz-üzə duraraq «Çar Rostam» sarayında inləyən tavat gəlinlərinin kədərli əfsanələrini oxurkən günəş də Vaxtanq şahzadəsinin əski yaylası olan «Botanika» bağının başı üstündə durmuşdu. Hava isti idi. Xalq qırmızı kərpicdən tikilmiş evlərin pəncərəsindən başını çıxarıb təmiz hava alırkən, Metex həbsxanasında çürüyən dustaqlar da dəmir şəbəkəli pəncərələrin açılmasını, rütubətli havanın dəyişilməsini arzu edirdilər. Əski Tiflis çar Nikey dövründən fərqli olmayan Nikolay üsul-idarəsinin ağırlığı altında, isti tərlər tökdüyü vaxt Taboris və Siminda dağlarının odlu qəlbindən çıxan isti sular da çarlar, soltanlar və padşahlar sarayına göndərilən gürcü qızlarının isti göz yaşları kimi coşurdu. Mavi rəngli fəzanın isti çanağı daş tava şəklini alan meydanın üzərində çevrilərək, ətrafı bişirdiyi anlarda, yapınçı, yun çuxa, isti başlıq və qoyun dərisindən tikilən qalın papaqlar geymiş gürcülər, «hey, hey» deyə-deyə kəl və öküz arabalarını sürməkdə idilər. Avlabar qayaları ilə qoç kimi baş-başa döyüşən Kür çayı Metex həbsxanasında çürüyən insan sümüklərinin rahatlığını pozsa da, qaranlıq zirzəmilərdən çar əleyhinə qaldırılan nifrət səslərini örtə bilmirdi. Günəşin üzü, Tiflisin ümum qətlinə əmr verən Teymurlənkin gözləri kimi qızarırdı; Kür çayının bulanıq dalğaları Taboris və Siminda dərəsində tökülən qanları xatırladırdı. Vaxtanq dərəbəyliyindən geri qalmayan çar üsul-idarəsində inləyən əski Tiflis qırx səkkiz kilsənin zəng səslərini örtmək üçün Gürcüstan kəndlilərinin iniltisini irəli sürür və Qarqaslan ruhaniliyinə məxsus dini nəğmələrin simfoniyasını qapamağa çalışırdı. Çar sallaqxanası olan yeni Tiflisin başı üstündən keçərək, əski Tiflisin «sallaqxana» hissəsi üzərində çırpınan günəş, əsrlərdən bəri üzünə sıçramış olan qan ləkələrini yumaq üçün Kür çayına enirkən Metex dustaqxanasında olanlar da soldatların təhdidinə baxmayaraq pəncərələrə qalxırdılar. Günəş, tabut şəklində qayrılan əski Tiflisin içərisi ilə qərbə doğru sürünürkən, qərbdəki qara buludlarla qarşı-qarşıya gələrkən Tiflisə səyahətə gələn böyük Puşkinin, Qriboyedovun qara parçaya bükülmüş tabutu ilə qarşı-qarşıya gəldiyini xatırladırdı. Günəşin zərrələri, rus ədibinin qara mərmər qəbrini qucaqlayan qadın heykəlini oxşadığı və Tiflis dağlarına onun «unudulmaz Ninası!..» kəlmələrini yazdığı vaxt tütün fabrikinin fəhlələri evlərinə buraxılırdı. Metex həbsxanasından baxan dustaqlar da onları salamlayırdılar. Bu hal pəncərə altında gəzən növbətçi soldatı rahatsız etmirdi, çünki o, çar jandarmeriyasından aldığı əmri yerinə yetirmək üçün bir fürsət axtarırdı. Çar jandarmeriyası bu fürsəti 1903-cü il avqustun 17-də əldə edə bildi. Günəş qürub doğru çəkilirkən, Metex həbsxanası pəncərəsindən görünən əllər tütün fabriki fəhlələri ilə danışırkən, çar jandarmının təyin etdiyi güllə açıldı. Bütün həyatını fəhlə sinfinin azadlığı yolunda sərf edən və həbsxanada olduğu vaxt yenə də işindən ayrılmayan dustaq arxası üstə yıxıldı. O, Bakı fəhlələrinin yorulmaz Lado Ketsxovelisi idi! Ladonun gecə-gündüz yuxu bilməyən və çar üsul-idarəsinə nifrətlə baxan gözləri əbədi olaraq qapandı. Lakin onun üzündəki təbəssüm yenə də dururdu və çar hökumətinə istehza ilə: «bu fikirlər güllə ilə ölməz!» deyirdi». Jenya oçerki oxuyub bitirirkən otaqda olanlardan ağlamayan yox idi. Hər kəs öz rəhbərinin façiənə ölümünə heyrət edir, onun yolunu davam etdirəcəyinə and içirdi... Jenya oçerki cibinə qoydu. Tiflisdən, Metex həbsxanasından göndərilən məktubu çıxarıb oxudu: «Bütün dustaqlar, həyətə çıxarıldığı zaman «Yaşasın Lado!» deyərək Lado yaşayan otağın pəncərəsini salamlayırdılar. Həbsxana işçiləri nə qədər səy etdilərsə bunun qabağını ala bilmirdilər. Lado öz pəncərəsində göründüyü zaman bütün dustaqlar köksünü dərir, şəbəkəyə söykənib bayıra baxmağa başlayırdılar. Lado yoldaş öz fikrini barmaq işarəsi ilə bayırdan baxan tütün fabriki fəhlələrinə bildirir və onlara rəhbərlik edirdi. On gün bundan qabaq Tiflisdəki yoldaşlar, jandarm rotmistri Runiçin Tiflis baş jandarm idarəsinə Lado barəsində belə bir məlumat vermiş olduğunu bizə bildirdilər: «Müttəhim Lado (Vladimir) Ketsxoveli... tutulana qədər, yəni 1902-ci ilin sentyabrınadək, müxtəlif zamanlarda Tiflis, Kutaisi və Bakı quberniyalarında yayılmış olan bütün intibahnamələrin və başqa inqilabi ədəbiyyatın, demək olar ki, hamısının çapedicisi və gizli mətbəənin başlıca təşkilatçısı sifətilə ifşa edilmişdir. Ketsxovelinin, qoşunu açıqdan-açığa itaətsizliyə və üsyana çağırmaq məqsədini təqib etdiyi və müəyyən edildiyi üzrə, qoşun arasında geniş surətdə yayılan intibahnamələri, başqa müttəhimlərin bəzilərilə bir yerdə öz gizli mətbəəsində çap etdiyi də yenə həmin sorğuda ifşa edilmişdir. ...Ketsxoveli öz geniş inqilabi fəaliyyəti və tanışlığı sayəsində mətbəə kimi çətin və təhlükəli bir müəssisəni təşkil etməyə müvəffəq olmuşdur. Düzəltdiyi mətbəə təqribən iki ildir işləyir, həm də onun bir hissəsi indiyə qədər aşkara çıxarılmamışdır». Jenya bu məktubu oxuduqdan sonra, jandarm rotmistri Runiçin Lado yoldaş barəsində baş jandarm idarəsinə verdiyi başqa raportu da oxudu: «İnqilab hərəkatı üçün Ketsxovelinin ciddi və əhəmiyyətli olması, birinci sorğuda isbat edildiyinə görə... sürgün zamanı Ketsxoveliyə qarşı xüsusi tədbirlərin görülməsi faydalı olardı, çünki Ketsxoveli azadlığa çıxdıqda, fürsət əlinə keçən kimi xarici məmləkətlərə qaçacaq və gələcəkdə öz ifrat etiqadları ilə, yəqin ki, bir çox bəlalar törədəcəkdir». Jenya Ladonun öldürülməsi münasibəti ilə Tiflis komitəsinin nəşr etdiyi intibahnamələri də oxudu. «Yoldaşlar! Azadlıq və sosializm uğrunda yorulmaz mübariz Lado Ketsxoveli bazar günü, səhər saat onun yarısında, Metex həbsxanasında güllə ilə öldürüldü. O, gənc yaşlarından başlamış son nəfəsinə qədər insanın müqəddəs hüququnu yorulmadan müdafiə etmiş, hər cür zülm və özbaşınalığa qarşı protest etmişdir. O, hələ gənc tələbə ikən 1893-cü ildə seminariyadakı iğtişaşlarda qızğın surətdə iştirak etmiş və buna görə də məktəbdən qovulmuşdu. Sonra o, Kiyev seminariyasında oxuyurdu. Lakin onu oradan iki dəfə tutub dustaqxanaya salmışdılar. 1897-ci ildən başlayaraq o, Qafqaz fəhlə hərəkatında ciddi surətdə iştirak etmişdir. Tiflisdə konka qulluqçularının ilk tətilini təşkil etmişdir. «Brdzola» redaksiyasını ilk təşkil edən də odur. Xalq azadlığı uğrunda qorxmaz mübariz, sənin torpağın qarşısında əyilirik! Yoldaşlar, dəhşətli ölümü protestsiz buraxmayaq! Lado kimi qüvvətlə qışqıraq: – Rədd olsun mütləqiyyət! – Yaşasın demokratik respublika! – Rədd olsun kapitalizm! – Yaşasın sosializm! Tiflis komitəsi». * * * Jenya milyonçu evində Jenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi. Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı. Əlixanovun arvadı Zərrintac xanım günlərin birində Jenyanı çağırıb, əlindəki «Kaspi» qəzetini ona göstərərək dedi: – Yaxşı qulluq yeri vardır. Mən sənə məsləhət görürəm ki, bu evdə qulluğa girəsən. Hərgah lazım olarsa, mən də kömək edərəm. Jenya çox sevindi və qəzeti alıb Serafimanın otağına gəldi, qəzetdə yazılan elanı oxumağa başladılar... Elan «Qarderob saxlamaq üçün savadlı bir rus qızı lazımdır. Yaşı iyirmidən yuxarı olmamalıdır. Ailəsinin Bakıda olmaması və özünün təmiz, tərbiyəli olması qulluğa qəbul olunmaq şərtlərinin birincisidir. Qulluğa qəbul olunmaq istəyənlər, səhər saat doqquzdan, gündüz üçə qədər Hacı Zeynalabdın Tağıyevin Gorçakovski küçədəki kontoruna müraciət edə bilərlər». Elan Jenyanı sevindirdi. Hacının evinə qulluğa girəcəyinə böyük ümidlər bağlayırdı; milyonçu evini öyrənəcək, həm də aldığı maaşla ata-anasını dolandıracaqdı. Lakin Jenyanı məyus edən bir məsələ var idi, o da paltar cəhətincə yoxsul olması idi. Köhnə paltarla Hacının kontoruna buraxılmamasından qorxurdu. Oturub düşündü. Serafima onun fikrə getdiyini görüb soruşdu; – Nə üçün durub getmirsən? İndi yaxşı vaxtdır, kontor açılmış olar. – Nə ilə gedim? Sən bilirsən ki, dilənçiləri milyonçu evlərinə buraxmazlar. Serafima bir az düşündü. Jenyanın bu sözündən kədərləndi. Taxta çamadanını açıb Jenyanın qabağına qoydu: – Götür, — dedi, — bu paltarları geyin get. Bu da ayaqqabı. Oturmaq vaxtı deyil. İşə götürsələr sənə paltar da, ayaqqabı da verəcəklər, işə götürməsələr yenə də qayıdıb bura gələrsən, nə qədər ki, mən buradayam, bir təhər dolanarsan. Serafima Jenyaya ürək təskinliyi verdi, onu geyindirdi. Jenya saxta pasportunu, vəsiqələrini götürüb qapıdan çıxdı. Əynindəki paltarı gözdən keçirib öz-özünə dedi: – Ucuz paltar olsa da, təmizdir, səliqəlidir! Jenya nə qədər ki, Hacının kontoruna gəlməmişdi, qulluğa götürüləcəyinə ümidi çox idi; lakin kontorun dəhlizinə girdiyi vaxt ümidsizləşməyə və ruhdan düşməyə başladı, çünki kontorun dəhlizi qulluğa girmək istəyən qızlarla dolu idi. Hamısının əlində «Kaspi» qəzeti vardı; qızlar həyəcanlı surətdə elana baxır və dəhlizdə gəzinirdilər. Jenya bir onlara, bir də özünə baxdı, tər onu basdı. Qulluğa girmək üçün gələnlərin hamısı qiymətli paltar və incə ayaqqabı geymişdi; baş örtüləri də modadan düşmüş örtülərdən deyildi. Onların hamısı qəzetdəki qulluq şərtlərini oxuyur, yavaşca qalxıb böyük güzgünün qabağından keçir, özünün yaraşıqlı olub-olmamasını yoxlayır, qəbul edilib-edilməyəcəyi haqqında düşünürdü. Jenya da bir tərəfdə büzüşüb oturmuş, bir qarın çörək, bir az da maaş üçün yığılan bu bədbəxt qızlara tamaşa edir, onlara yazığı gəlirdi. Dəhlizi ətir, hil, mixək qoxusu bürümüşdü. Qızlardan bir çoxu xanımın qulluğuna çağırıldığı vaxt yaxşı təsir buraxmaq üçün ətirlənmişdi. Bəziləri də xanımla danışarkən ağzından pis iy gəlməmək üçün dişlərinin altına hil və ya mixək parçaları salmışdı. Qızların hamısı özü ilə məşğul idi. Qulluğa qəbul olunmaq üçün gözəllik birinci rol oynayacaq idi. Qızlar bir-birilə danışır və başqalarını göstərib cürbəcür sözlər deyirdilər: – İnanmıram!.. Onu qəbul etməzlər. – Nə üçün? – Hacının xanımı çox zərifdir. Onun pişiyi də, qapısındakı köpəyi də gözəl olmalıdır. İnanmıram ki, o kürsünün üstündə oturan qızı yaxına qoysun. – O qız gözəl, təmiz qız deyilmi? – Boynu qısadır. Ayaqları kobuddur. Boy-buxunu yaxşı deyil, qaşları da seyrəkdir. – Gözləri çox gözəldir. Bir ona bax, necə yalvarıcı gözləri var! – Bir tək gözdən nə çıxar? Alnı da qısadır. Beli yoxdur. – Deyəsən bəzək də vurmuşdur. – Hansı? – Odur, qapının sol tərəfində duran! – Yaşı iyirmidən çoxdur. Gözlərinin altı da tuluqlanmışdır. – Orada büzüşüb oturan gözəldir. Amma əyin-başı yoxdur. Kəndli qızına oxşayır. Gözəlliyi üçün də özünü belə tox tutub. – Heç inanmıram ki, onu xanımın yanına buraxsınlar. Son sözlər Jenyaya aid idi. O, iki dəfə ayağa qalxıb getmək istədi, lakin ürəyindəki dərdlər onu yenə geri qaytardı. Hara gedəcəkdi? Nicatını qulluğa girməkdə görmürdümü? Kontorun qapısı açıldı. Qulluğa girmək üçün gələnlərin ərizələrini yığdılar və: – Burada oturunuz, bir-bir çağıracağıq, — dedilər. Dəhlizdə misli görülməmiş bir həyəcan başladı. Hər kəs nə vaxt çağırılacağı haqqında düşünür, cürbəcür xəyallara dalırdı; kah da qulluğa qəbul ediləcəyini milyonçu evində aldığı maaşı ac qalmış ailəsinə göndərəcəyini düşünürdü. Kontorun qapısı açıldı, ərizə sahiblərini bir-bir çağırmağa başladılar. Hər kəs içəridən çıxır, yenə də dəhlizdə durub həyəcanlı dəqiqələr keçirirdi. Saat üçün yarısında Jenyanı səslədilər. Bir nəfər kontorda oturub qabağına anket vərəqəsi qoymuşdu. Anketi doldurmağa başladı: – Adın nədir? — Klavdiya. – Atanın adı nədir? — Dmitri. – Familiyan nədir? — Belousova. – Haradansan? — Aşağı Volqadan. – Hansı şəhərdən? — Krasnoyardan. – Təhsilin nədir? — Dördüncü sinfi qurtarmışam. – Burada kimin var? — Heç kəsim yoxdur. – Ərə getmisənmi? — Yox. – Neçə yaşın vardır? — İyirmi. – Mənzilin haradadır? – Mənzilim yoxdur. – Axırıncı günlər harada yaşayırdın? – General Əlixanovun evində. Kontor xidmətçisi telefonu götürüb Hacının xanımını səslədi. – Sona xanım, — dedi, — verdiyimiz elan nəticəsində iyirmi bir nəfər rus qızı qulluğa girmək üçün gəlmişdir... Bəli, hamısı üçün düzəltmişəm. Yuxarı? Çox gözəl!.. Anketlərdəmi?.. Baş üstə! Kontor işçisi anketləri götürüb Jenyaya dedi: – Gəliniz, Xanımın yanına getmək lazımdır. Kontor xidmətçisi Jenya ilə bayıra çıxanda dəhlizdə gözləyənlər arasında dərin bir həyəcan başladı. Onların zehninə görə Jenyanı işə qəbul etdikləri üçün yuxarı mərtəbəyə aparırdılar. Lakin kontor xidmətçisi: – Hamınız dalımca gəlin! — dedikdə, bu həyəcan qismən sakitləşdi. Mərmər pilləkanlara salınmış qiymətli xalçaların üstü ilə yuxarı çıxan qızlar özlərini böyük güzgülərdə görürkən, işıqlı həyata getdiklərini düşünür, pilləkanlardan necə qalxdıqlarını hiss etmirdilər. Qızları Hacının böyük salonunun dalındakı kiçik dar balkonda saxladılar. Onları xanımın nəzərindən keçirmək üçün bir-bir çağırıb içəri aparırdılar. Gedənlərdən heç birisi qayıdıb qızlar olduğu balkona gəlmirdi. İçəri girənlərin taleyindən heç kəs xəbərdar deyildi; onlar qəbul edildimi, edilmədimi, bunu bilən yox idi. İçəridən qızları çağırmaq üçün səs çıxanda balkonda duranların ürəyi bərk döyünürdü. Qızlardan hansı biri içəri çağırılanda balkonda olanlar bir-birinə: – Yəqin ki, bunu qəbul edəcəklər, — deyib həsrətlə ah çəkirdilər. Jenya doqquzuncu çağırışda içəri girdi. Hacının xanımı məxmər divan üstündə oturub kitab oxuyur və papiros çəkirdi. Jenyanı görən kimi yanında oturan Hənifə xanıma dedi: – Görünüşü çox gözəldir, görüm batini necə olacaqdır. Hənifə xanım da Jenyaya diqqətlə baxaraq: – Gözəldir, — dedi. — Göründüyünə görə əl dəyməmiş qızdır. Jenya milyonçu evini böyük bir diqqətlə gözdən keçirirdi. Qəbul olunacağına ümid etmədiyindən müvəqqəti olaraq beş-on dəqiqədən istifadə edir, oradakı zənkinliyə tamaşa etməyi bir qənimət hesab edirdi. Jenya özünün qulluğa qəbul olunması üçün xanımın bircə kərə baxması və icazə verməsinin lazım gəldiyini düşünürdü, lakin o, burada qulluğa götürülmək üçün bir çox mərhələlərdən sonra icazə veriləcəyini bilmirdi. Xanım, Jenyaya indiyə qədər o eşitmədiyi bir çox suallar verməyə başladı. Bu suallar kontorda verilən suallara heç də bənzəmirdi. – Yazmaq bacarırsanmı? – Bəli, bacarıram. – Anlaşılacaq bir surətdə yaza bilirsənmi? – Bəli, yazım aydındır. Xəttim çox gözəldir. – Get otur, yaz görüm. Xanım bu sözü dedikdən sonra Jenyanın yanında oturan yaşlı bir rus qadını Jenyanın qolundan tutub kiçik, girdə bir stolun yanına gətirdi. Orada kağız, qələm və mürəkkəbqabı qoyulmuşdu. Jenya qələmi götürdü, xanımın nə kimi sözlər diktə edəcəyini gözlədi, bu vaxt gözü stolun üstündəki cürbəcür yazılara rast gəldi. Bu yazılar, xanımın yanına gələn və qəbul olunmayıb qayıdan qızların yazıları idi. Xanım diktə etməyə başladı: – Dördüncü, beşinci və altıncı qarderobda asılan paltarlar silinmiş və ütülənmiş paltarlardır. Yeddinci, səkkizinci, doqquzuncu və onuncu qarderobda olanların silinməsi və ütülənməsi lazımdır. On birinci, on ikinci və on üçüncü qarderoblarda modadan düşmüş paltarlardır. Jenya xanımın dediklərini lazımınca yazdı, ayağa qalxıb stolun yanında durdu. Qulluqçu rus qadını Jenyanın yazdığı kağızı aparıb xanıma verdi. Xanım Jenyanın yazısını oxudu və onu ayağından başına qədər gözdən keçirdi. Hənifə xanıma dedi: – Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. Hər işi yazısı kimi olsaydı, bunu qulluğa götürərdim. Xanım papirosundan bir nəfəs çəkib Jenyaya sual verməyə başladı: – Ev işlərində necəsən? Bir şey bacarırsanmı? – Bacarıram. – Kimdən öyrənmisən? – Anamdan öyrənmişəm. – Anan sağdırmı? – Yox, sağ deyildir. – Bakıda qohumlarınız, tanışlarınız vardırmı? – Heç kəsim yoxdur. – Bəs sənin doğru qulluq edəcəyinə kim zamin olacaqdır? – Mən general Əlixanovun evində oluram. Krasnoyardan gələn gündən onun qulluqçusunun yanında qalıram. Xüsusən, cənab generalın xanımı Zərrintac xanım mənim təmiz qız olduğumu bilir. Hənifə xanım bu sözə: – Daha nə istəyirsiniz? — dedi. — Zərrintac xanımla da danışmaq lazımdır. Xanım suallarını kəsmədi: – Bədənində yaran-zadın yoxdur ki? – Yoxdur! – Xəstə olmusanmı? – Yox, olmamışam. – Dişlərinin hamısı yerindədirmi? – Bəli, yerindədir. – Ərə gedib boşanmısan ki? – Yox, ərə getməmişəm. Suallar bitdi, bundan da Jenya, bütün mərhələlərdən keçdiyini zənn etdi. Onun fikrinə görə ikicə söz qalmışdı ki, o da «hə» və ya «yox» sözündən ibarət idi. Lakin Jenya yanılırdı. Hacının kaprizli xanımının qulluqçusu olmaq üçün hələ çox mərhələ qalmışdı. Xanım orta yaşlı rus qadınına dedi: – İndi apar görüm nə çıxacaqdır. Rus qadını Jenyanı götürüb başqa bir otağa apardı. Jenya gedirkən xanım ona daldan baxıb Hənifə xanıma dedi: – Bu rus qızının yerişi də xoşa gələn yerişdir. Heç ev qulluqçusu yerişinə oxşamır. Qonaq yanına çıxarmalı qızdır. Rus qadını Jenyanı bir otağa salıb dedi: – Paltarını çıxar. Xanıma qulluqçu olmaq istəyən hər kəs yoxlanılmalıdır. Rus qadını Jenyanın sağlamlığını yoxlayırkən Jenya sanki dörd il bundan əvvəl oxuduğu «Qızlar və oğlanlar dünyası» sərlövhəli romanın birinci fəslini yenidən oxuyurdu. Jenya bütün bu tabloları xəyalından keçirdiyi zaman rus qadını da onun bədəninin sağlamlığını yoxlayıb qurtardı. – İndi paltarını geyə bilərsən! — dedi və bayıra çıxdı. Jenya alnının tərini sildi, paltarını geyinə-geyinə özözünə dedi: «Oxuduqlarım fantaziya deyilmiş. Şərq dövlətləri yenə də qızlara xəlifə saraylarında baxılan gözlə baxırlar». Jenya otaqdan çıxıb Hacının xanımı əyləşən salona gəldi. Onu müayinə edən rus qadını deyirdi: – O ki lazımdır yoxladım. Bədəni çox sağlamdır, heç bir yarası-filanı yoxdur. Döşlərindən də məlumdur ki, arvad deyildir. Ağzını qoxladım, heç iy gəlmir. Dişləri də təmiz və sağlamdır. Çorablarını çıxarıb ayaqlarını yoxladım, pis iy duymadım. Qoltuqlarından da tər iyi gəlmir. Xanım Jenyanı irəli çağırdı, onun çənəsini sıxaraq: – Səni qəbul edəcəyəm, — dedi, — qəbul şərtləri də budur: birinci, onu bilməlisən ki, burada müəyyən iş saatları yoxdur. Sən gecə-gündüz burada yaşayacaqsan! İkinci, sənə maaş olaraq ayda on manat verəcəyəm. Yeməyin, içməyin, hər bir ehtiyacın da veriləcəkdir. Buna razısanmı? Jenya sevindi, çünki burada olmaqla həm özünü idarə edəcək, həm də aldığı maaşla xəstə atasına kömək edəcəkdi. Bundan başqa milyonçunun həyatı ilə tanış olacaq və bəzi sirləri də öyrənəcəkdi. Buna görə də heç də təxir etmədi: – Bu şərtlərə razıyam, — deyib başını aşağı saldı. * * * Jenya qulluqçu qəbul olunandan üç gün sonra vəzifəsinə başlaya bildi, çünki xanımın modadan düşmüş paltarlarından Jenya üçün tikilən paltar ancaq üç gündən sonra hazır ola bilmişdi. Səhər saat onun yarısında, on səkkiz nəfər gənc qız və qadın qulluqçusu xanımın yataq otağı qapısında durmuşdu. Hamısı, xanımın yuxudan durmasını gözləyirdi. Zəng vuruldu. Nömrə göstərici aparatın altında kiçik bir kağız üstündə «Çayçı qız» yazılmışdı. Çay verici qız tələsik içəri girib yenə də çıxdı və çay otağına getdi. Gümüş padnosda bir stəkan süd, bir neçə şor və yağlı çörək, iki dənə də badamlı çörək gətirib içəri girdi. İkinci zəng vuruldu. Jenya nömrə göstərici aparata baxdı. «Paltarçı qız» sözlərini oxudu, əlində bloknot və qələm içəri girdi. Xanım süd və yağlı çörəkləri yeyə-yeyə tumboçkanın üstündə qoyulmuş paltar cədvəlini Jenyaya göstərərək dedi: – Üçüncü, doqquzuncu, iyirmi birinci, həştad birinci, yüz beşinci nömrəli paltarları gətirərsən. Xanım hələ yerinin içində oturmuşdu. Yağlı və şor çörəkləri yeyir və papiros çəkirdi. Xanım çayını içib qurtarmamışdı ki, Jenya bloknota yazdığı paltarları gətirdi. Xanım əvvəlcə alt paltarlarını tamamilə çıxarıb yenilərini geydi, üstündən qar rəngli əlvan telli bir Şanxay xalatı örtdü. Geyinməkdə xanıma iki nəfər rus qadını kömək edirdi. Üçüncü zəng vuruldu. İki gənc qız içəri girdi: Hacının xanımını çimdirmək üçün vanna otağına apardılar. Xanım vannada çiməndə çıxardığı paltarlar siyahıya alınıb paltar yuyan qadına verilirdi. Siyahının altından da qol qoydurulurdu. Xanımı çimdirən qadınlar vanna otağından çıxdıqdan sonra massaj edən qadın içəri girdi. Massaj qurtardı. Xanımı bəzək otağına gətirdilər. Xanım orada da yumşaq bir divan üzərində uzanıb bir papiros çəkdi, on beş dəqiqə istirahət etdikdən sonra, divanın yanındakı zəngi basdı. Bəzəkçi qadınlar içəri gəldilər. Xanım divanın yanındakı cədvəli göstərərək, hansı ətir, hansı pudra, hansı dodaq pomadasını istəyəcəyini bəzəkçi qadınlara göstərdi: – Pudra iyirmi birinci nömrə; odekolon qırx birinci nömrə, ətir otuz ikinci nömrə. Dodaq pomadası doqquzuncu nömrə. Bəzəkçi qadınlar xanımın istədiyi şeyləri şkaflardan götürüb, stolun üstünə düzdülər. Bəzək başlandı, xanım stolun yanındakı zəngi basdı. Jenya içəri girdi, xanım paltar cədvəlinə baxıb dedi: – Dördüncü qarderobdan birinci və ikinci nömrələri, beşinci qarderobdan səkkizinci və on birinci nömrələri, altıncı qarderobdan üçüncü nömrəni, yeddinci qarderobdan beşinci nömrəni, doqquzuncu qarderobdan ikinci nömrəni. Jenya deyilənləri bloknotuna yazdı, hazırlamaq üçün getdi. Bəzək qurtardı. Xanımı geyindirib qurtardılar. Xanım çay stolu başına keçməmişdən əvvəl zəngi basdı. Bufetçi gəldi, səhər çayı üçün lazım olan yeməklərin siyahısını gətirdi. Xanım səhər çayı üçün nə kimi yeməklərin hazır edilməsini əmr etdi. Xanım çay stolu başına keçdi. Paltarçı qız çıxarılan paltarları yuyanlara, təmizləyənlərə və ütüləyənlərə verdi. Bəzəkçilər bəzək otağında, vannaçılar hanna otağında, çay verənlər çay otağında işlərinə məşğul oldular. Samovarın yanında xanım özü oturdu. Hacının öz xanımı ilə çay içməyə gələcəyinə yarım saat qalmış havanı təmizləmək üçün bütün qapılar və böyük şüşəli pəncərələr açıldı. Hacı gəldi, çay stolu başına keçdi. Çay içilib qurtardı, stol yığışdırıldı. Ancaq bundan sonra xanım qulluqçulara çay içməyə icazə verdi. Jenya paltar otağından qayıtmamışdı. O çay otağına girəndə Yevdokiya İvanovnanın ağladığını görüb təəccüb elədi. Səbəbini soruşa bilmədi, çünki ev qulluqçularının heç birisilə tanış deyildi. Heç bir söz demədən gəlib çay stolunun bir tərəfində oturdu. Çay verən qadın onun da qabağına iki parça şəkər, üstündə pendir olan iki parça çörək qoydu. Stol başında oturanların hamısı qəmkin idi, Yevdokiya İvanovna isə ayaq üstündə durub içini çəkirdi. Xanım dişində papiros içəri girdi və Yevdokiya İvanovanın üstünə qışqırdı: – Əli uzun pişik, get kontora hesabını al! Tərbiyəsizin biri, sizdən adam olmaz! Mən sizə yüz dəfə demişəm ki, mənim stolumdan qayıdan yeməklərə heç kəs əl vurmasın. Xanım yeyən xörəkdən qaravaş yesə — qudurar; hər kəsin özünə görə xörəyi vardır. Sizin taylarınız quru çörəyi də tapa bilmirlər. Get! İtil gözümdən! Get kontora hesabını al! Xanım getdi. Yevdokiya İvanovna isə dəsmalını çıxarıb gözlərinə basdı, ağlaya-ağlaya bayıra çıxdı. Çay stolu başında oturan qız və qadınlar onun halına ağlayırdılar. Jenyanı dörd gün bundan qabaq soyundurub yoxlayan rus qadını da burada oturmuşdu. O, Jenyanın bu vəziyyətdən heyrətləndiyini görüb dedi: – Bu, sənin üçün də bir dərs olmalıdır. Xanımın süfrəsindən qayıdan yeməklərdən yediyi üçün bir tək Yevdokiya İvanovna deyil, bir çoxları işdən qovulmuşdur. Jenya soruşdu: – Bəs xanımın süfrəsindən qayıdan artıq yeməklər hara gedir? – Sən buranın işini nə bilirsən?! Burada cürbəcür qonaqlar vardır. Xanımın və ağanın süfrəsindən qalan şeylər bufet müdirinin ixtiyarına keçir. Müdir əl dəyməyən şeyləri bufetə qoyur, əl dəyilmiş artıq qalan yeməkləri isə Hacının qonaqlarına verir. Onun dostları var, qoçuları var, müəllimlər, ziyalılar gəlir. Onlar bütün artıq qalan şeyləri yeyirlər; onlardan artıq qalanlar isə zibil yeşiyinə tökülür. Bəzən nimçə dolusu plov və sair yeməklər heç kəsə verilməyərək, eşiyə atılır. Bizim xanım belədir. O, öz samovarından qaynar su açıb içən bir qulluqçunu işdən çıxarıb qovdu. * * * Hacının evində ziyafət 1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı. Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi. Lakin o, xanımın tapşırığına görə axşam saat beşdə evdə olmalı idi. Çünki Hacının evinə möhtərəm bir qonaq gələcəyi söhbəti hələ bir neçə gün bundan qabaq başlanmışdı. Buna görə də Jenya konfransın qərarları haqqında məlumatı axıra qədər dinləyə bilməyəcəyinə təəssüf edirdi. Tiflisdən gəlmiş nümayəndə konfransın qərarlarına keçərək dedi: – «Azlıq» adlananların partiya intizamına tabe olmaq istəmədiklərinə görə, II qurultaydan sonra, dərhal baş vermiş partiya böhranı, bütün qurultaydan sonrakı dövr ərzində Rusiya proletariatının mənafeyinə az-çox qənaətbəxş surətdə xidmət etmək imkanını partiyaya vermirdi. Mərkəzi idarələrimizin, partiyanı bu qədər çətin vəziyyətdən ancaq öz qüvvələri ilə çıxara biləcəklərinə ümid bağlamalarının yuxarıda qeyd edilmiş səbəblərə görə heç bir əsası yoxdur... Bunu edə biləcək bir vasitə varsa, o da, qurultay yolu ilə, partiyanın ancaq özüdür. Mərkəzlərin işi bacara bilməsi üçün lazım olan itirilmiş etimadı onlara ancaq partiya qurultayı qanunu yolu ilə qaytarmaq olar... Saat beşin yarısı idi. Əsgər Jenyanın yanında oturmuşdu. Jenyanın qulağına pıçıldadı: – Yoldaş Jenya, saat beşə az qalır. Sən dur get işinə. Pavluşanın sözünə baxma; girdiyin qulluqda çalış; bəlkə ora təşkilatımız üçün bir mənfəət də verə bildi. Dur get. Mən burada gedən söhbətlərin hamısı haqqında sənə məlumat verərəm. Jenya qalxıb bayıra çıxanda, Pavluşa da onun dalınca getdi: – Hara gedirsən? Jenya dönüb onun yanına gəldi və yavaşcadan dedi: – Mənim əzizim, gərək saat beşdə evdə olam, Hacının xanımı belə əmr etmişdir. Pavluşa səsini qaldırdı: – Yetər tənbəllik! Sən orada işə girəndən bəri partiya işindən tamamilə uzaqlaşmışsan. – Mən heç vaxt partiya işindən uzaqlaşmamışam. Hərgah mənim milyonçu evində işə girməyimə görə bunu deyirsənsə, bu tamamilə yersizdir, çünki proletariatın hamısı kapitalistlərin, milyonçuların müəssisələrində çalışır. Proletariatın hələ öz müəssisəsi yoxdur. Bu sözlər Pavluşanı qane etmədi. O, Jenyanın paltarını, ayaqqabısını və baş örtüyünü gözdən keçirib dedi: – Sən gərək özünü bu şəkildən çıxarasan. İnqilabçı heç vaxt ipək paltar geyə bilməz! Qiymətli paltar səni proletar şəklindən çıxarıbdır. Pavluşanın yersiz mühakimələri Jenyanı gülməyə məcbur etdi. – Pavluşa! — dedi. — Gəl bu cür mənasız mühakimələrindən əl çək. Mən səni əmin edirəm ki, bu cür sözlər üçün sənə gülərlər. Proletar olmaq paltara, baş örtüyünə baxmır. Proletar sinfi duyğusu və sinfi iradəsi ilə ölçülür. Sən, Pavluşa, çılpaq olsan da, qiymətli paltar geysən də, proletarsan. Sən öz sinfinin içərisində böyümüsən, sən bu məktəbi uşaqlıqdan başlayaraq keçmisən. Səni öz sinfindən heç bir qüvvə ayıra bilməz. Sənin fəlsəfələrin çox yersizdir. Hətta həqiqi proletarların mühakiməsinə heç oxşamır. Sən aylardan bəri ac və xəstə yatan atamın da halını nəzərə almırsan. Ona heç olmazsa, gündə bir parça quru çörək pulu vermək lazım deyilmi? Kimdən kömək alaq? Üç aydır sənin özünə də iş vermirlər. Sən də atama kömək edə bilmirsən. Mənim öz vəziyyətimi də nəzərə almırsan. Mən hara gedərəm? Əlixanovun süfrəsinin artığını yemək üçün mətbəx pişiklərinə, həyət köpəklərinə qoşulub yaşamağamı? Halbuki, bu da mümkün olmadı, məni orada himayə edən qulluqçu qız da öz məmləkətlərinə köçdü. Pavluşa, mənə qulaq as, əsəbiləşmə! Söylə, mən bu paltarı çıxarıb hansı paltarı geyməliyəm? Tutaq ki, mən özümə layiq paltar tapdım. O paltarla məni milyonçu evinə buraxarlarmı? Pavluşa acıqlı dedi: – Qoy buraxmasınlar! Mən işə girərəm, hamballıq edib Sergey Vasiliçi saxlaram. Jenya: – Mən onu istəmirəm, — dedi. — Mən özüm işləməliyəm. İndi işim də pis iş deyil, buradan təşkilata da böyük mənfəət vermək olar. İşlədiyim yer inqilabi təşkilatla əlaqədar olan bir yerdir. Əsgər Jenyanın getdiyini, Pavluşanın da onun dalınca çıxdığını görən kimi bir ixtilaf çıxacağını zənn etdi, qalxıb bayıra çıxdı, onlara yanaşdı. Bu anda Pavluşa əlini Jenyanın əlindən çəkib dedi: – Elə isə biz bir daha görüşməyəcəyik. Mən əqidəmi sevgiyə sata bilmərəm. Jenya ağladı. Bu hal Əsgərə çox təsir etdi, Pavluşaya dedi: – Axır günlər sən tamamilə dəyişmişsən. Sən vəziyyətlə əsla hesablaşmırsan. Səndə bir qəpik yox, məndə yox. Vasya isə, bizdən beşbetər. Məmməd də savadsız və ixtisassız bir adamdır. Ayrapetin özünə də kömək lazımdır, vərəm xəstəliyi var, çox da ki, öz qarnından və balalarının boğazından kəsib Sergey Vasiliçə az-çox kömək edir. Bu köməyi davam etdirməyə onun gücü çatacaqmı? Sonra Jenyaya tərəf döndü: – Get, bacım, get! Bunun sözünə baxma. Orada işlə və gözü açıq ol! Jenya getdi. Əsgər Pavluşanı danlaya-danlaya iclasa qaytardı. * * * Jenya iclasdan qayıdıb evə gəldiyi vaxt xanım hələ yuxudan durmamışdı. Bu gecə Hacının evində düzələcək ziyafət Qafqaz xalqlarının həyatında qanlı rol oynamaq üçün hazırlanmış sui-qəsdin əsasını qoyacaq idi. Bu gecə birinci dəfə olaraq Bakı general-qubernatoru Nakaşidze Hacının evini ziyarət edəcək və daxiliyyə nazirinin göstərişlərini həyata keçirəcəkdi. Ziyafətə çağırılan qonaqlar bir-bir, iki-iki gəlirdilər. Gələnlər — Bakı milyonçuları, Bakı neft sahibkarları, kiçik və böyük sənaye müəssisələri sahibləri, əcnəbi neft sahiblərinin nümayəndələri, Hacının arxası və dayağı olan Bakı qoluzorbaları və ziyalıları idilər. Qonaqlar ziyafət salonunda yox, əlvan şərablar və cürbəcür məzə düzülmüş bufetin qabağında gəzişir, Rim, Yunanıstan və Bordo konyakları içir, əllərindəki gümüş çənkəllərlə məzə qoyulan nimçələri qurdalayırdılar. Hacı qonaqları süni bir sevinclə qarşıladı. Qonaqların hamısı gəlmişdi. Çərkəzi geyimlilər, büzməli çuxalılar, dal ətəkləri yarıq sürtuklular, yaxası ağ düyməli jiletlilər, şlyapalılar, furajkalılar, qara mahud papaqlılar, filanlar, filanlar... bufetin qabağında idi. Gəlməyənlər — Bakı qubernatoru Nakaşidze ilə hərbi qubernator general Əlixanov idi. Bayırda bir gurultu qopdu. Bu, Hacının evinin qabağındakı daş döşəmələrdə səslənən kazak atlarının dırnaqlarının səsi idi. Hər kəs üst-başını düzəltdi. Nakaşidze və general Əlixanov salona girdi. Əvvəlcə Hacı onların əlini sıxdı və sonra möhtərəm qonaqların şərəfinə verilən ziyafətdə iştirak edənləri təqdim etməyə başladı. – Bu zat Ağa Musa Nağıyev cənablarıdır. Bəlkə bu möhtərəm simanı eşitmiş olasınız. Bu, şəhərimizin məşhur milyonçusu və öz ehsanları ilə tanınmış və imperatora olan sədaqəti ilə şöhrət qazanmış bir zatdır. Bu da Şəmsi Əsədullayev cənablarıdır. Şəhərimizin birinci milyonçusudur. Yerlilər əlində olan Bakı neftinin böyük bir hissəsi bu cənaba məxsusdur. Hacının Şəmsi Əsədullayevə birincilik qazandırması Musa Nağıyevin bu ziyafətdən aldığı nəşələri tamamilə dağıtdı. O, boynunun ardına qədər qızardı. Hacıya olan əvvəlki nifrəti bir qat daha artmış oldu. Hacı qonaqları təqdim eləməkdə davam edərək deyirdi: – Bu cənab, Əlimərdan bəy Topçibaşevdir. Şəhərimizin birinci ziyalılarındandır. Özü də iqtidarlı bir dava vəkilidir. Bu cənab da bizim gənc mühəndislərimizdən və rus tərbiyəsi almış cənab Benbudovdur. Bu da texniklər məktəbinin direktoru Mixaylovski cənablarıdır. İmperatorun həqiqi tərəfdarlarındandır. Bu tərəfdə duran simalar da Bakıda olan əcnəbi neft sahiblərinin möhtərəm nümayəndələridir. Qubernatorlara təqdim olunacaq çox qonaq qalmışdı, onları bir-bir təqdim eləmək möhtərəm qonağının vaxtını almaq və onu yormaq demək idi. Hacıda bu cəsarət yoxdu. Ona görə də təqdim olunmaq üçün özünü səhmana salan ağaları göstərərək dedi: – Bu ağalar da, Bakının əyanları və nücəbasıdır; imperatorun həqiqi tərəfdarları, rus tərbiyəsi almış ziyalılardır. Qubernator onların əlini sıxmaq və tanış olmaq əvəzinə bir kərə başı ilə salamladı. Məşhur Bakı qoçusu Hacı Aslan bundan razı qalmadı. Hacının onu qubernatora xüsusi bir şivə ilə təqdim etməməsi onun şərəfinə toxundu. Hacının özü də bunu hiss etdi, lakin Hacı Aslanı ayrıca olaraq təqdim etmək mümkün deyildi, çünki ziyafətdə Hacı Aslandan başqa bir neçə qoçu da var idi. Hacı Aslan ətəklərini yığışdırıb özünü qubernatora təqdim etmək istədikdə, Hacı onu qarşılayıb qubernatora təqdim etdi: – Şəhərimizin nücəbasından, nüfuzlu şəxsiyyətlərindən birisi olan Hacı Aslan cənablarıdır. Hacı bu sözləri dedikdə hələ qubernator əlini uzatmadan Hacı Aslan hənalı əlini qubernatora uzatdı. Qubernator isə onun əllərindəki rəngə təəccüblə baxaraq Hacı Aslanın əlini sıxdı. Qonaqların hamısı öz içərisində dərin bir həyəcan keçirirdi; onlar Hacı Aslanın danışmasından və uyğunsuz bir söz buraxmasından qorxurdular, xüsusən Hacı Zeynalabdın özünü itirmiş və nə edəcəyini bilmirdi. Hacı Aslanın qaşları ilə gözləri birləşib dodaqları titrəşirkən və başını xoruz kimi o tərəf-bu tərəfə çevirirkən, qonaqların qəlbi çırpınmağa başlamışdı. Hacı Aslan danışdı: – Sağlıq olsa, cənab qubernator sonra biləcəkdir ki, bu oğlan necə oğlandır! Mən olmasam buradakıları fəhlələr cücə kimi yeyərlər. Nə qədər ki, mən ölməmişəm, bunların gözünə də püfləyən olmaz! Bu saatda qubernator cənabları kimi, buyurarsa, deyərəm bir gecənin içində motalını dünyadan bayıra atarlar. Hacı Aslan bu sözləri deyəndən sonra üzünü Əlimərdan bəyə tutub dedi: – Niyə gözünü döyürsən? Dediklərimi ağaya tərcümə etsənə!.. Əlimərdan bəy sözə başlamamış general Əlixanov Avarski: – Mən cənabınızı anlayıram! — dedi. — Sözlərinizi cənab qubernatora tərcümə edərəm! Buna razı olursunuzmu? Hacı Aslan Əlixanovdan bu sözü eşitcək Bəşir bəyə: – Ada Bəşir, ağa müsəlman imiş ki, — deyə Əlixanova tərəf irəlilədi və onun da əlini sıxdı. — Hacı Aslan sənin nökərindir! Bu saat buyurun ki, Hacı Aslan, ölməlisən — ölməsəm kişi deyiləm! Əlixanov bütün bu danışıqları qubernator Nakaşidzeyə tərcümə etdi, qubernator isə Hacı Aslanın əlini ikinci kərə sıxaraq: – Ümid edirəm ki, bizim dostluğumuz möhkəm və faydalı bir dostluq olacaqdır, — dedi və Hacı Zeynalabdına tərəf döndü: — Məni Hacı Aslan cənabları ilə tanış etdiyinizə qarşı təşəkkür edirəm. Hacı qabaqda, dalınca qubernator Nakaşidze, Məsud bəy Avarski (Əlixanov) və bunların da dalınca birinci, ikinci və üçüncü dərəcəli qonaqlar Hacının xüsusi salonuna keçdilər. Burada Hacının xanımı ilə tanış olacaqdılar. Xanımı bir necə dəqiqə durub gözləmək məcburiyyətində qaldılar. Xanım gündüz yuxusundan vaxtından əvvəl qalxmadığı və adətini pozmadığı üçün bəzəyini, tualetini hələ qurtarmamışdı. Bir də məclisə tez gəlmək və intizarda duran qonaqlara təqdim olunmaq üçün bəzək otağından vaxtından əvvəl çıxmaq xanımın adəti deyildi. O, həmişə qonaqların intizarda durmasını sevirdi. General-qubernator və Əlixanov xanıma vermək üçün gətirdikləri gül dəstələrini əllərində saxlamaqdan yoruldular, gül dəstələrini kah sağ, kah da sol əllərində tuturdular. Xanımın salona çıxan qapısı açıldı. Xanım, on səkkiz nəfər qadın və qız qulluqçuları arasında salona girdi. Qulluqçuların hamısı bir rəngdə, bir modada və bir qiymətdə paltar geymişdi. Qara ipək donlu qulluqçular içərisində gələn xanım tünd qırmızı ipək üzərində tikilən ulduzlu paltarda parlaya-parlaya generallara yaxınlaşdı. Generallar onun əlini öpüb gül dəstələrini təqdim etdilər. Xanım gülləri yanında duran qulluqçu qıza verdi; qızlar yerindən hərəkət etmədən dəstələri bir-birinə ötürdülər, axırıncısı da onu qapıda duran qulluqçuya verdi. Hamı xanımın əlini öpdü. Növbət Hacı Aslana yetişdi. Hacı Aslan onun əlini sıxmaq istəyəndə: – Hacı Aslan millətimizin anasının qulluğunda hazırdır! Nə qulluğun olsa, nökərinə buyura bilərsən! — dedi. Xanım Hacı Aslanı birinci dəfə deyil, bir neçə dəfə görmüşdü; buna görə də onun «siz» yerinə «sən» deməsindən heç də incimədi. Xanım öz müəllimi Mixaylovskinin əlini sıxdıqda, müəllim də onun saçlarını öpdü. «Əziz» qonaqlar süfrəyə əyləşmək üçün başqa bir salona keçdilər. Hər kəsin oturacağı stolun bir nömrəsi də yemək stolu üzərindəki şərab piyaləsinin içinə qoyulmuş vərəqədə göstərilmişdi. Adları şərab piyaləsindəki vərəqədə yazılmayanlar «əziz» qonaqlarla bir süfrədə oturmaq səadətinə nail olmadılar. Süfrədə ancaq birinci dərəcəli qonaqlar əyləşdi, başqaları üçün ayrı bir otaqda süfrə açılmışdı. Yemək başlanırkən xanım, qızların getməsinə icazə verdi. Bir boyda, bir geyimdə olan ev qulluqçuları başqa qapıdan çıxıb getdilər. * * * Qonaqlar süfrədən qalxdılar. Qubernator, general Əlixanov, Əlimərdan bəy, yerli neft sahibləri və xarici neft kompaniyalarının nümayəndələri başqa bir otağa, qalan qonaqlar isə çay içmək üçün yenə də ayrı bir otağa keçdilər. Likör və qəhvə içilirdi. Generallara və neft ağalarına qəhvə, likör gətirənlər xanımın gənc qulluqçu qızları idilər. Qızların hər birisi bir ağaya qulluq etməyə təyin edilmişdi. Jenya, hamıdan kənarda, kiçik bir stolun yanında oturan Mixaylovskiyə qulluq edirdi. Nədənsə, Mixaylovski general Nakaşidzenin təkrar təklifinə baxmayaraq, yenə də kənarda oturmuşdu. Birinci sözə Hacı başladı. Əlimərdan bəy tərcümə edirdi: – Bu tətil ki var, özü çox böyük bədbəxtlikdir. Bu, biz və başqaları üçün bədbəxtlik olduğu kimi, fəhlələrin özləri üçün də bədbəxtlik gətirir. Mən burada and içib deyirəm ki, fəhlələrin yoxsulluğuna, fəqirliyinə, dilənçiliyinə səbəb — bu vəhrimar olmuş tətildir. Hərgah belə deyildir, qoy burada olan ağalar desinlər ki, belə deyil. Sizə bir misal deyəcəyəm. 1903-cü ildə iyul ayı tətillərində əlli mindən artıq fəhlə tətil etmişdi. Bunlar həftələrlə işsiz qaldılar. Bu gör nə qədər puldur?! Bunların hamısı fəhlələrin cibindən getdi. Mən həmişə çalışırdım ki, mənim fəhlələrim tətilə qoşulmasınlar, başlarını aşağı salıb adam balası kimi işləsinlər. Mən buna müvəffəq olmuşdum. Buna görə mən çalışıb iranlıları işə götürürdüm, çünki bunların başı haramzada işlərdə işləyə bilmirdi; onlar sosialistləri, bolşevikləri tanımırdılar. Tətildə iştirak etmirdilər; hətta bir neçə dəfə tətilçilərlə döyüşdülər də. Ancaq bolşeviklərin sosial-demokratlardan ayrılması və müsəlman fəhlələrinin iradəsinə işləməsi, mənim fabrikimdə işləyənlərin əxlaqını lap pozdu. Bu günkü tətildə mənim həmin anlaqsız fəhlələrim hamıdan qabağa düşdülər, dəzgahları bir saatda dayandırdılar. Bizə verilən tələblərdə heç bir iqtisadi rəng yoxdur, fəhlələrin danışıqları siyasi sözlərdir. Elə sözlərdir ki, mən cənab generalın yanında deməyə cəsarət etmirəm. Buna görə də gərək cənab qubernator və cənab Əlixanov Bakıya ciddi bir surətdə diqqət versinlər. Bakıda hərbi qüvvə azdır. Fəhlələr əldə silah nümayişə çıxırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, fəhlələr hökuməti bir şey saymırlar, imperatorun məmləkətində şuluqluq salmaqdan qorxmurlar. Belə olan surətdə bizim nəinki malımız, hətta canımız da təhlükə altında qalır, adam börkünü başında saxlamağı bacarmır. Siz bir yaxşı düşününüz, cənab qubernator! Nümayişdə qubernator müavininin başını vurub yaranda, mənim başım nədir ki, onu dünəndən vurub yararlar. Hələ atalarına rəhmət olsun ki, bizim canımıza qəsd eləməyiblər. Vurub öldürsələr, kim qabaqlarını alacaqdır? Cənab qubernatora cəsarət edib sual verirəm: o qız ki, qubernator köməkçisinin başını vurub yarmışdı, ona nə cəza verildi və onu niyə tutmadılar? O ki bir bismillah olub göyə çəkilmədi? Hacı bu sözləri deyərkən Jenya Mixaylovskinin qabağındakı boş qəhvə fincanını götürüb gedirdi. Qubernator Hacının sözlərini tamamilə təsdiq etdi, qubernator köməkçisinin başını yaran qızın Bakıdan qaçırıldığını söylədi. General Əlixanov çallaşmış yoğun bığlarını barmaqları ilə səhmana salaraq danışdı: – Diqqətlə eşitdim. Onların hamısı doğrudur. Mən özüm Bakıya təyin olunduğum gündən Hacı buyurduqlarının hamısını təyin etmişəm. Mən öz vaxtında, soldatlar arasına proklamasiya dağıdılması, Bakı qarnizonu arasına inqilab mikroblarının girməsi, kazakların içərisinə zərərli vərəqələr paylanması məsələsini hələ 1903-cü ilin iyun tətilləri zamanı Zaqafqaziya hərbi dairəsinin hərbi qüvvələri komandanı adına göndərdiyim raportumda təfsilən göstərmişəm. Mən yenə də burada təkrar deyirəm: Bakı – bolşevik təşkilatının yuvasıdır. Burada Ladoları tutmaqla, Ladonu güllələməklə məsələ qurtarmadı. Hazırda Leninin və başqa başçıların bütün diqqəti və siyasi hərəkatı Bakıda mərkəzləşmişdir. Gizli mətbəə yenə də proklamasiya və «İskra» qəzetini nəşr eləməkdədir. Bizim bolşevik dediyimiz adamlar, o qədər sadə və avam adamlar deyildir. Hələ üç ildən bəri Bakıda davam edən gizli mətbəəni aşkara çıxaran olmamışdır. Biz bütün sınanmış qüvvələrimizi Bakıya gətirdik. Lavrovları, Rüniçləri ancaq gizli mətbəəni aşkara çıxarmaq işinə təyin etdik, yenə də bir nəticə əldə edilmədi, çünki burada oturan ağalar bolşevik məsələsini yalnız hökumətə aid bir məsələ hesab edirlər, halbuki, bolşevik akitasiyasının məhv edilməsi məsələsi, burada oturan ağaların şəxsi mənfəətinə aid bir məsələdir. Bolşevik mətbəəsini tapmaq, bolşeviklərin gizləndikləri yerləri göstərmək və bu kimi sair işlər tamamilə burada oturan ağaların şəxsi vəzifələridir, İndiyə qədər ağalar bu barədə hökumətə heç bir kömək etməmişlər, hökumətlə əlbir işləməmişlər; bunda biz də təqsirliyik, çünki rəhbərlik etməmişik. Əlixanovun bu sözündə Hacının bütün qonaqları bir ağızdan dedilər: – Biz cənab generalın dediklərinə şərik oluruq. Biz bu barədə işləyəcəyik, hökumətə kömək göstərəcəyik. General Əlixanov sözünə davam etdi: – Hazırda Bakıda mədən və fəhlə dairələri genişlənir. Şəhərdə çox şübhəli yığıncaq yerləri vardır. Burada əlli üç minə qədər müxtəlif yerlərdən gəlmiş fəhlələr, ustalar, sənətkarlar vardır. Bunların arasında müəyyən bir işi olmayan adamlar da çoxdur. Kanikula gəlmiş ali məktəb tələbələri, iki yüz iyirmi nəfərə qədər polis nəzarəti altında olan qırmızılar, bir çox şübhəli almanlar və ziyalı yəhudilər vardır. Mən bunların hamısını Qafqaz hərbi dairəsi komandanına bildirdim və Bakı kimi böyük bir şəhərin az qoşun və az polis qüvvəsi ilə idarə oluna bilməyəcəyini yazdım. Özünüz deyin: burada iki yüz nəfər polis nə iş görə bilərdi? Bakıda yerli hökumət olduqca acizdir. Polisin zəifliyi səbəbinə də qırmızıların təbliğatı genişlənir, avam fəhlələr də hərəkata qoşulur. Mən öz raportumda göstərdiyim kimi, indi də cənab qubernatora cürətlə deyirəm ki, Bakıda iqtişaş başçılarının rəhbərliyi altında güclü və gizli komitə əmələ gəlib, onun bütün tələbləri icra olunur; rəsmi hökumətin əmrinə qulaq asan çox azdır. Gizli komitənin adından iki-üç nəfərin və ya bir dəstə adamın məcburiyyəti nəticəsində qırx minə qədər fəhlə tətil edir. Tətil vaxtları Bakı qəzetlərini gizli komitənin gündəlik vərəqələri əvəz edir; komitənin sözünə qulaq asmayanları ölümlə qorxudurlar. Tabe olanlara gündə altmış qəpik məvacib verilir. Bunun nəticəsində tətillər söz birliyi və həmrəylik cəhətindən möhkəm keçir. Tətil günləri, tətilçilər bütün şəhərin və dairəsinin ağası olur. İşlər tamamilə tətil komitəsinin vasitəsilə yerinə yetirilir. Dairələr çox böyükdür. Keçən tətillərdə az olan qoşun hissələri bütün dairəni gəzib qara məxluğu dağıtmağı və izdiham yaranmasına mane olmağı bacarmadı. Qoşun və polis dəstələri gecə-gündüz gəzib yorulurlar. Buna görə əhalinin o biri hissəsi – fəhlələr sevinir və bayram edir, sənaye sahibləri isə gündə yarım milyon manata qədər zərər çəkir. Ağaları təbrik edə bilərəm: mənim göndərdiyim raport nəticəsiz qalmamışdır. Hökumət Bakıya diqqəti artırmağa başlamışdır. Hökumət Bakıdakı tətillərin yatırılmasına, bolşeviklərin məhv edilməsinə böyük əhəmiyyət verməkdədir. Hazırda altıncı nişançı alayı, on altıncı Minqrel alayının bir rotası və yüz nəfər kazak Bakıya gətirilmişdir. Məncə, bu yenə də azdır. Bakı son vaxtlarda siyasi təbliğat cəhətcə şübhəli bir şəhər olmuşdur. Nakaşidze likördən azca içdi, dodaqlarını şappıldadaraq: – Da, – dedi, – mən cənab generalın buyurduqlarını olduğu kimi daxiliyyə nazirliyinə bildirmişəm. 3-cü ilin iyul tətillərində Bakıda olan və tətil hərəkatı ilə yaxından tanış olan daxiliyyə nazirinin köməkçisi Fon-Val cənabları da mənim yazdıqlarımı və nazirdən olan xahişlərimi təsdiq etmiş və bu barədə xüsusi bir məktub göndərmişdir. Bunu da deməliyəm ki, məktubda Hacı cənablarını da xatırlamış və xüsusi salam göndərmişdir. Bəli, hər halda mən yenə deyirəm ki, bizim asayişimizi bərpa etmək və ağaların mənfəətini müdafiə etmək üçün ağaların özü də bu işdə iştirak etməlidirlər. General-qubernator çox danışdı, sonra sözü Musa Nağıyevə verdilər. O, özünü yoxsul və məzlum bir vəziyyətə salaraq danışdı: – Mən cənab qubernatoru və cənab generalı əmin edirəm ki, bizdə itə atmaq üçün bir daş da qalmamışdır, – dedikdə tərcümə edən Əlimərdan bəy dayanıb bu sözü necə tərcümə edəcəyi barədə düşündü. Əlixanov isə bunu hiss edərək dedi: – Ağanın nə dediyi məlumdur. Bu söz bizim Dağıstanda da vardır. Kəndlilər şikayətə gəldikləri vaxt ağlayıb, uyezd naçalnikinə deyərlər: «Ağa, vallah dağılmışam, itə atmaq üçün bir daşım da qalmamışdır», yəni yoxsul olmuşam. Ağa Musa da yəqin ki, belə demək istəyir. Ağa Musa: – Bəli, – dedi, – belə deməyə xəyalım vardır. Doğrudan da bizim daşımız daş üstündə qalmamışdır. Əvvəldən də mənim bir zadım yox idi. Mən Əli börkünü Vəli başına, Vəli börkünü Əli başına qoya-qoya dolanıram. Cənab qubernator gərək bu işə diqqət versin; yoxsa ki, biz gədə-güdənin istədiyini versək, ayağımızda tumanımız da qalmaz. Cənab qubernator adımızı milyonçu eşidib bəs deyir ki, içimizdə bir şey vardır. Amma bilmir ki, içimiz özümüzü yandırır, bayırımız özgəni; biz şapalaqla üz qızardırıq. Bir qarın ac, bir qarın tox dolanırıq. Ölülər elə bilir ki, dirilər həmişə halva yeyir. Əvvəlcə deyirdik ki, Bakıda qoşun yoxdur. Bolşevikin ağzından vurmaq olmur. Bəs indi nə buyurursunuz? Göydə allahın, yerdə də imperatorun dövlətindən Bakıda qoşun da var, polis də var, allah bərəkət versin, daha artıq eləsin! Lazımınca qorodovoy da vardır! Dalımızda dağ kimi cənab qubernator və cənab general durmuşlar. Bəs nə üçün mənə kömək verməsinlər? Burada oturan ağaların hamısı bilir ki, mənim mədənlərimin hamısı zərərlidir. Mən heç vaxt iş saatlarının azalmasına və maaşların artmasına razı ola bilmərəm. Mən Nobel qardaşlarının nümayəndələrinin gözünün içinə deyirəm: mən onların fəhlələr ilə razılaşmasını özüm üçün qanun bilməyəcəyəm! Heç utanmağa da gəlməz; mən sözü adamın üzünə deyərəm. Nobel qardaşlarının müvəkkilləri fəhlələri bizim üstümüzə qaldırmaq istəyirlər... Buna görə də mən onlara etiraz edirəm. Nobel qardaşlarının nümayəndəsi əlindəki piyaləni içib qurtarmamış yerə qoydu və rəngi qızarmış bir halda: – Ağa Musanın bu etirazı yersizdir, – dedi. – Biz heç vaxt onun göstərdiyi ittihamlarla məşğul olmamışıq. Ağa Musa yarı acıqlı: – Bəli, olmusunuz! – dedi. – Siz bayram günlərinin siyahısını asmağı öhdənizə götürməmişsinizmi? Maaşın iş vaxtında verilməsinə razı olmamısınızmı? Mən bunu boynuma götürə bilmərəm. Bununla mən ayda iki saat iş vaxtı itirməliyəm? Necə yəni maaşı iş vaxtında vermək? Bu hansı qanunda var? Cənab qubernator yaxşı diqqət versin! Yəni necə «ezamiyyə» pulu? Bu nə deməkdir? Bu söz işçini qudurtmaq və iş sahibinin boynuna mindirmək deyildirmi? Cənab qubernator! Mən əcnəbi neft sahiblərinin bu siyasətini çox gözəl bilirəm. Onlar bu cür işlərlə, yerli neft sahiblərini bankrot çıxarıb bütün Bakı neftini öz əllərinə almaq istəyirlər. Şəmsi Əsədullayev Musa Nağıyevin sözünü kəsərək dedi: – Mən Ağa Musanın bütün dediklərinə şərik oluram. Onun əcnəbi neft sahibləri haqqında fikrinə də şərikəm. Təzə binalar tikməyə, paltar şkafları düzəltməyə, mədənlərdə əlüzyuyan qoymağa bir qəpik də pulumuz yoxdur! Belə olsa, biz mədənləri bağlamağa məcbur olacağıq. Onsuz da gəlirimiz çıxarımızı ödəmir. Musa Nağıyev sözünə davam etdi: – Belədir ha! Yəni necə şagirdləri usta yerinə keçirmək? Yəni necə fəhlə şikəst olan zaman ona mükafat vermək? Məgər allah tərəfindən gələn bəlalara və qəza-qədərə də biz cavab verməliyik? – Bu sözə general Əlixanov güldü; Əlimərdan bəy isə bu sözləri qubernatora tərcümə etmədi. Musa Nağıyev buna əhəmiyyət vermədi. – Necə yəni fayton? Məgər fəhlənin dədə-babası naxoş olanda həkimə faytonla getmişdir? Mən özüm bir yerə gedəndə köhnə faytona minirəm ki, iki qəpik manat ucuz olsun; bunlar da başlayıb ki, fəhlə naxoş olanda fayton vermək, özü də yaxşı fayton! Mən dinimi dəyişib, babı oldum ki, lüt müsəlmanlara ehsan verməkdən qurtarım. Yeri gəlmişkən, cənab qubernatordan bircə xahişimiz vardır: hərgah sığorta qanunu çıxarmaq doğru isə hökumət gərək bu qərarı bizim xatirimiz üçün dalı götürsün. Necə yəni səyyar mamalar? Necə yəni doktorlar? Mənim pulumla doktor? Biz fəhlənin arvadına borcluyuq? Qoy arvad doğmasın, cəhənnəmə, doğmasın! Onun özü nədir ki, balası nə olsun?! Biz xahiş edirik ki, hökumət bu bəlanı bizim başımızdan rədd eləsin. Mən öz barəmdə danışmıram, vallah, billah, tallah mən, Şamaxı zəlzələdən batdığı kimi batmışam. Hamı bilir ki, bircə torba salıb dilənməyim qalıb. Var-yoxum bir salavat olub göyə çəkilib. Mən on manat ayırıb başımdakı börkümün yanlarını qayıtdıra bilmirəm. Görün indi Bakı varlısı nə hala düşmüşdür?.. Gərək dünya bizim halımıza ağlasın. Mantaşevin nümayəndəsi söz alıb danışdı: – Musa cənabları bir çox sözləri yerində deyir. Biz müstəqil adamıq. Nobel və Rotşild nümayəndələrinin sözləri bizim üçün qanun deyildir. Hökumətin özü də yerli neft sənayesi ilə xarici şirkətlərin maliyyə vəziyyəti arasındakı fərqləri gözəlcə bilir. Fəhlələrin verdikləri tələbləri həyata keçirmək, məncə, yerli nefti xariciləşdirmək və bizi aralıqdan çıxarmaq deməkdir. Sözün açığını demək lazımdır. Əcnəbi şirkətləri bizim əleyhimizə bununla bir müharibə açmaq istəyirlər. Onların sərmayəsi tükənməz sərmayədir. Bilirlər ki, biz onlarla mübarizə apara bilməyəcəyik. Buna görə də işçiləri bizim üstümüzə qaldırırlar. Sözü Nobel qardaşlarının nümayəndəsi aldı: – Əvvələn, mən öz kollekiyamın tərəfindən Hacı cənablarına izhari-təşəkkür etməliyəm. Cənab Hacı bu ziyafətin vasitəsilə bizim cənab qubernator və cənab general ilə görüşməyimizə səbəb oldu. Hacının ümumi işlərdə səmimi iştirak etməsini və yerli camaatla hökumət arasında möhkəm bir körpü vəziyyətini aldığını qeyd etmək lazımdır. Xüsusilə əcnəbi şirkətlərin yerli şəraitdə təsadüf etdikləri çətinliklərin Hacının vasitəsi ilə təsviyyə edilməsini, onun maliyyə yardımına ehtiyac hiss edildiyi vaxt öz bankını əcnəbi şirkətləri üzünə açmasını qeyd etməliyəm. İndi bir az da cənab Şəmsi və Ağa Musanın buradakı çıxışlarından danışmalıyam. Hərgah Hacı və möhtərəm qubernator və general cənabları icazə versəydilər, mən onların cavablarını qısa olaraq verərdim. İcazə verildi. Nobel qardaşlarının nümayəndəsi sözünə davam etdi: – Əvvələn, mən Ağa Musa və Şəmsinin öz maliyyə vəziyyətləri haqqındakı sözlərinə cavab verməyəcəyəm. Bu bizim vəzifəmiz deyildir. İkincisi, mənim çıxışım yerli neft sənaye sahiblərini tənqid üçün deyildir, çünki onların iş şəraiti başqa, bizim iş şəraitimiz isə başqadır. Nobel şirkəti normal illik gəlirdən üstəlik nə qədər qazanırsa, onun beş faizini fəhlələrin tələbatını ödəmək üçün verə bilər. Biz yerli neft sənaye sahiblərinə deməliyik ki, böyük mənfəət əldə etmək üçün xırda güzəştlərə getmək mümkündür. Biz bunu bacarırıq. Yerli neft sənaye sahibləri bunu etmir. Fəhlələrə böyük tələbatı unutdurmaq üçün xırda güzəştlərə getmək həmişə lazımdır. Cənab Hacı öz çıxışında çox yerli olaraq buyurdu ki: «Bu günkü tətildə mənim həmin anlaqsız fəhlələrim hamıdan qabağa düşdü və dəzgahları bir saat dayandırdı». Buna görə də biz fəhlələrin verdiyi tələbatın zərərsiz hissələrini və maliyyə vəziyyətini hiss ediləcək dərəcədə durğunluq verə bilməyən maddələrini qəbul edirik. Cənab Şəmsinin bir sözünə biz də şərik oluruq: «Əcnəbi şirkətlərinin işləri bizim üçün qanun deyildir». Bu doğrudur. Avropa və Amerika sənaye müəssisələri də belədir. Bir müəssisənin iş planı və zəhmət şəraiti o biri müəssisə üçün qanun deyildir. Cürbəcür müəssisələrdə cürbəcür iş saatları, cürbəcür iş planları və zəhmət şəraiti ola bilər. Biz həmkarlar ittifaqının ümumi zəhmət müqaviləsi qanununa birinci olaraq etiraz edənlərdənik, çünki bir müəssisənin sərmayəsi ilə o biri müəssisənin sərmayəsi arasında da fərq vardır. Müəssisədən yaxşı gəlir almaq işində güclü sərmayə birinci rol oynayır. Yerli neft sənaye sahibləri neft məhsullarının növlərini xarici bazarlara çıxarmaq işində geridədirlər. Onların xarici bazarlarla əlaqələri olmadığından yerli bazarlara arxalanırlar. Bu çox da əlverişli deyildir, çünki yerli neft sənayeçilərinin gəlirinin mühüm bir hissəsini yenə də əcnəbi neft kompaniyaları mənimsəmiş olur. Bütün bu cəhətləri nəzərə alaraq, böyük sərmayəyə malik olan əcnəbi şirkətləri ilə yerli neft sahibləri rəqabət edə bilməzlər. Onlar öz işlərini öz sərmayələrinin verdiyi imkanlar üzərində qurmalı və əcnəbi şirkətlərin təşəbbüslərinə bir rəqabət kimi məna verməməlidirlər. Nobel qardaşları nümayəndəsinin çıxışını Rotşild və başqa şirkətlərin nümayəndələri də təsdiq etdilər. Qubernator çox diqqətlə dinləyirdi. O, likör içdi, qaşqabağını turşutdu və sözünə belə başladı: – Yerli neft sahibləri Nobel və sair əcnəbi şirkətlərin təşəbbüslərindən həyəcana düşməməlidirlər. Biz hər kəsə öz işini öz sərmayəsi və öz iqtisadi şəraiti əsasında qurmağa icazə veririk. Ağalar burasını bilməlidirlər ki, bir məcburiyyət, yaxud bir zərurət nəticəsində kütlələrə verilən hüququ lazım gəldiyi zaman geri də almaq mümkündür. Bu barədə hökumət heç vaxt sizdən öz köməyini əsirgəməz. Ağa Musa hamıdan qabaq dedi: – Sağ olsun bizim hökumətimiz! Allah onun qılıncını kəskin eləsin! Allah onu bizim başımızın üstündən əskik eləməsin! Jenya bu gecəki ziyafətdən hamıdan artıq razı qalmışdı. O, bu ziyafət haqqında lazımi yoldaşlarına xəbər verə biləcəyindən sevinirdi. Mixaylovskinin gözləri isə Jenyanın üzündə idi. Jenyanı yaxından görmək üçün «Likör ver, qəhvə ver!» deyirdi. Neft sənaye sahibləri arasında mübahisə gedirkən Mixaylovski fürsət tapıb Jenyanı danışdırdı: – Siz nə qədər ədəbli bir qızsınız! – dedi. Jenya heç bir söz demədi. Onun piyaləsini likörlə doldurub qayıtdı. Jenya qəhvə fincanını götürürkən Mixaylovski yenə də danışdı: – Əfv edərsiniz! İncə əllərinizi rahatsız etdim... Jenya yenə heç bir söz demədi, ondan uzaqlaşdı. Yenə fürsət düşəndə, Mixaylovski ona dedi: – Ədəbli qız sualları cavabsız qoymaz!.. Lakin yenə cavab almadı. Mixaylovski daha danışmadı. Ziyafətin sonuna qədər oturub likörünü içdi; qabağındakı siqarlardan çəkərək püflədi. * * * Zidd fikirlər məngənəsində 1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu. Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər. Onlar Bakıda olduğu günlər partiyanın III qurultayını çağırmaq kampaniyasını qüvvətləndirməkdən, menşeviklərə qarşı, xüsusilə bu günlər Bakıda olan menşevik komitəsinin nümayəndəsi Qlebova (Noskova) qarşı mübarizəni genişləndirməkdən ötrü ciddi çalışırdılar. Onlar bütün Zaqafqaziyada olduğu kimi, Bakıda da daşnaklar, federalistlər, anarxistlər və başqaları ilə amansız mübarizəyə başlamışdılar. Anarxistlərə, federalistlərə və başqalarına qarşı bir sıra böyük mübahisələr keçirilirdi. Pavluşa, Vasya, Əsgər, Məmməd və Ayrapet də dəmiryol özəyinə getmişdilər. Özəkdə III qurultaya hazırlanmaq, millətçi partiyalarla mübarizə aparmaq, menşevik nüfuzunun təsviyyə edilməsinə çalışmaq məsələsi qoyulmuşdu. İclas qurtardı. Hamı bir yerdə iclasdan çıxdı. Soldat bazarının tinində Ayrapet dörd girvənkə çörək aldı və yoldaşlarına: – Hamınız gedək bizə, – dedi. – Varvara balıq alıbdır, içini soğan və kişmişlə doldurubdur. Özünün də anadan olan günüdür. Sizi qonaq aparmağı mənə dönə-dönə tapşırıbdır. Hamı getməyə razı oldu. Pavluşa getmək istəmədi: – Sizdən çox xahiş edirəm, Varvara bacı məni soruşsa, deyərsiniz ki, mümkün edib gələ bilmədi. Ayrapet soruşdu: – Nə üçün? Pavluşa: – Mənim üçün belə bir gündə Varvara bacının yanına əli boş getmək ölümdən pisdir. Heç olmazsa adam bir dəstə gül almalı idi. Nə qədər dedilərsə, Pavluşa razılıq vermədi, yoldaşlarından ayrıldı. Hara gedəcəyini bilmirdi. Telefonnı küçə ilə düşünə-düşünə gedirdi. Bütün fikirləri Jenya ilə, onunla keçirdiyi günləri xatırlamaqla məşğuldu. Neçə gündən bəri idi ki, Jenyanı görmək istəyirdi. On beş gün idi onunla görüşmürdü. Buna özü səbəb olmuşdu, çünki ona acıqlanıb «Daha görüşməyəcəyik» demişdi. Lakin indi qəlbinin arzusu ilə öz iradəsini qarşı-qarşıya qoyduğu zaman belə düşünürdü: «Dünyada milyon-milyon pavluşalar, jenyalar vardır. Onların içərisində bizim kimi sevişənlər və bir hadisə nəticəsi olaraq ayrılanlar olmamışmı? Mən nə üçün onunla bu qədər maraqlanıram? İndi o mənim üçün yad bir adam deyilmi? O mənim sözümə baxmadı, gedib milyonçu evinə girdi. Daha nə dostluq, nə sevgi?! Mən boş yerə onunla köhnə əlaqəni davam etdirmək istəyirəm. Mən bilirəm ki, o öz inqilabi ruhunu saxlaya bilməyəcəkdir – milyonçu evi onu zəhərləyəcəkdir. Hazırda onun xarici görünüşü dəyişdiyi kimi, tədricən düşüncə və əqidəsi də dəyişəcəkdir. Eybi yoxdur, mən də dəyişilərəm! İnsan nə qədər tez üns tutucu bir məxluq olsa da, o qədər də sürətlə unutmağı bacarandır. Mənim fikrimcə Jenyanın özü də belədir; məni sevirsə, bəs nə üçün həftələrlə məni aramır, öldüyüm və ya diri qaldığımla maraqlanmır? İndi o mənə tamamilə yad bir adamdır». Pavluşa bu sözləri desə də, ürəyi buna razı deyildi. Onun addımları geriyə atılmaq istəsə də, qəlbi irəli atılmağa tələsirdi. Pavluşa bu cür fikirlərin təsiri altında Baryatinski və Qorçakovski küçələrinin tinində divara söykənib durmuşdu. Onun fikri, yuxu ilə ayıqlığın arasında olan bir aləmdə əl-ayaq çalıb üzürdü. Birdən qulağına belə bir səs gəldi: «Qəbul etmədilər!». Pavluşa bu səsi birinci kərə Telefonnı küçədə eşitmişdi. Bu sözləri Jenya gimnaziyaya qəbul edilmədiyi və Pavluşa ilə tanış olduğu gün demişdi. Bu səs Pavluşanı ani bir surətdə keçmişlərə qaytardı. Sergey Vasiliçin evində yaşadığı və Jenya ilə keçirdiyi gözəl günlər yazılı bir kitabda oxuyur kimi xəyalında canlandı. Birinci kərə sevgisini elan etdiyi dəqiqələri, Jenyanın ondan utanıb qaçdığını, saçlarını bir-birinə qarışdırıb qoşa oturduqlarını, kitab oxuyub mübahisə açdıqlarını və başqa momentləri xatırladı. Kah da Jenyanın yalandan küsdüyünü, əllərini üzünə qoyub barmaqları arasından Pavluşaya baxıb güldüyünü, Jenyanın nümayişlərdə onu ölümdən qurtardığını, onun qorxmaz və iradəli bir qız olduğunu gözü önünə gətirir, ondan ayrıldığına təəssüf edirdi. Pavluşanın fikri nazladıçı və nəşəverici bir aləmdə gəzdiyi, sevginin ilk xatirələri ilə qanadlanıb uçmaq istədiyi dəqiqədə bir səs daha eşitdi: «İtil buradan!». Bu səs sanki Pavluşanın girmək istədiyi səadət qapısını birdən-birə qapadı. Onu yenə də əzici ümidsizlik xarabalarına doğru qaytardı. Birdən o, Hacı Zeynalabdın Tağıyevin bankının qarovulunu çəkmək üçün Qorçakovski küçədə gəzişən qorodovoyu qabağında gördü. O, bığlarını bura-bura bir daha: – İtil buradan! – dedi. – Yoxsa!.. Pavluşa heç bir söz söyləmədən getdi. Lakin onun bütün varlığı getməsinə etiraz edirdi. Buna görə də o, qorodovoya görünməmək üçün tində durdu, gözlərini milyonçunun böyük şüşə pəncərələrinə dirədi. Dəmir şəbəkəli və palıd ağacından qayrılmış qapıdan bir qız çıxdı. Bir az əvvəl ona «Rədd ol!» deyən qorodovoy qıza təzim etdi; qız başı ilə onun salamını aldı. Qızın yerişi Jenyanın yerişinə bənzəsə də, paltarı bambaşqa idi. Pavluşanın qəlbi ona uyuşmurdu, onun qarşısına atılmaq istəmirdi. Jenyanı sevdiyi zaman o bu paltarda deyildi. Lakin yenə də onun ardınca getmək qərarına gəldi. Qaranlıqda, gedə-gedə düşünürdü: «O gəncdir. Onun burjuaziya lagerinə düşməsinin əsas səbəblərindən birisi də iqtisadi vəziyyətidir. İqtisadi vəziyyət həyatda həlledici bir rol oynamırmı? İnsanlar ictimai mühitin təsirində deyilmi?» Pavluşa bu fikrin doğru olub-olmaması üzərində az düşünmədi. «Bəlkə də bu fikir doğru deyildir? Bolşevik olan hazırkı mühitdən asılı olmaq istəmir, o hazırkı ictimai mühiti dəyişməyə və burjua iqtisadi şəraitindən azad olmağa çalışır. Jenya iqtisadi vəziyyətin ağırlığı nəticəsində burjuaziya mühitinə tabe olmaq və hazırkı cəmiyyətlə barışmaq istəmişsə, daha mənimlə onun nə kimi əlaqəsi ola bilər? Burjuaziyanın tənbəlcəsinə yaşayışı, Jenyanın iliyinə qədər təsir eləmişdir. O, burjuaziya həyatının iyrənc incəliklərini öyrənmiş, nazik ipəklərə bürünmüş, ətirlər içərisində çimməyi sevmişdir». Pavluşa, xışıltı ilə hərəkət edən, ipək don içərisində süzən qızın yerişinə baxdıqca qəlbi bir daha yaxın keçmişinə qayıtdı: «Vaxtilə bu qız hər gecə öz köynəyini, səhər təmiz geymək üçün axşamdan yuyub qurudurdu və ütüləyirdi; geymək üçün ikinci bir köynəyi də yox idi. Ayaqqabısının dağılmış yerlərini bəzən özü tikirdi. Çoxdan bəri baş örtüsü də yox idi; olanı yırtılmışdı, örtmək mümkün deyildi. Həmişə evdə otururdu, çünki gəzməyə çıxmaq üçün adi bir paltarı da yox idi. Gənc idi, aldatdılar. Burjuaziya çirkabının içinə düşən işçi qızların hamısı paltarın, zinətin və şux yaşamaq düşüncəsinin tələsinə düşür. Burjuaziya fahişəxanalarını dolduran, kapitalist saraylarındakı ziyafətlərin əyləncələri olan, sərxoşların piyalələrinə şərab tökərək bəzən onların şəhvətlərini söndürməyə məcbur edilən fəhlə və kəndli qızlarının hamısı əvvəlcə Jenya gedən yollar ilə getmişdir. Mənim də təqsirim böyükdür. Onu mənim sevgim də pozdu. Bundan sonra mən əqidə yoldaşımı sevməyəcəyəm. Mən onu sevmək və özümü sevdirmək üçün hər cür rolları oynadım; hətta şəhvətpərəst və köhnə adamlar kimi qısqandım da... Böyük təqsir mənimdir. Mən ona bir yoldaşa yanaşan kimi yox, gözəl bir qıza yanaşan kimi yanaşdım. Ona sevmək, qısqanmaq, kişiyə bir qız kimi yanaşmaq və onun ruhunu oxşamaq yollarını öyrətdim. İndi Jenya həmin yolu gedir, «Pavluşa olmasın, başqa bir kişi olsun, fərqi nədir?» deyir. Mən əminəm ki, Jenya polis, jandarm ilə mübarizə edə bilər. Lakin şəhvətpərəst bir kişinin, Bakıda olan zəngin kişilərin yağlı vədləri və dadlı dilləri ilə mübarizə aparmağı bacarmaz, çünki bəzən qızların öz gənclik tələbləri də şəhvətpərəst kişilərin çirkin tələblərinə müsaidə göstərə bilər». Jenya gedirdi. Pavluşa da düşünə-düşünə onun ardınca irəliləyirdi. Jenyanın paltarı yaz küləyilə nazlanan bahar yarpağı kimi xışıldayır, fənər yanından keçəndə qara ipək donu qara göz kimi parlayırdı. Şlyapasının üstündəki daşlar qara bulud içərisində görünən ulduz kimi titrəyirdi. Pavluşa diqqətlə bir ona, bir də özünə baxdı, özünü tənqid etməyə və təhmətləndirməyə başladı: «Yox, yox! Mən ona layiq deyiləm! Əvvəlcə layiq olsaydım da, indi aramızda böyük bir fərq vardır, indi o mənim kimi üstü-başı çirkli bir adama qoşulmaqdan utanmazmı? Mənim ona keçmişdə bir yaxşılıq göstərə bilməməyim də, onun məndən qaçmasına səbəb olacaqdır». Pavluşa bir-birinə zidd fikirlər içərisindən çıxa bilmirdi. O, hələ sevgilisinin paltar və dövlətlə hesablaşmadığını bilmirdi. O, qadın ruhunun nə qədər sadə, nə qədər incə olduğunu təyin etməyi bacarmırdı. O, sevgi həyatında gözəlliklə zənginliyin çox dəyərsiz bir şey olduğunu anlamırdı. O bilmirdi ki, qadın, başqaları tərəfindən hiss edilə bilməyən ən incə, ən kiçik bir xüsusiyyət üçün kişini sevə bilər. Pavluşa bu ağır düşüncələr içərisində əzilərkən Jenya Yujinin mənzilinə girdi. Pavluşa indi başqa cür düşünməyə başladı: «Bunun məsələsini özəkdə qoymaq lazımdır. O bizim sirlərimizi Yujin yoldaşdan alıb milyonçulara da verə bilər. Gərək Yujin yoldaş bunu qəbul etməsin. Yox, yox! İndi onu gözləməyin mənası yoxdur. Qayıtmalı. Bir daha ona qoşulmaq mənim özüm üçün də ləkədir». Pavluşa qayıtdı, lakin onun ürəyi sanki kürəkləri arasından çıxıb geriyə baxır və Jenyanı gözləyirdi. O, Jenyanı izlədiyi yolla geri qayıdırdı. Özünü hiss etmədən və addımlarını hara qoyduğunu bilmədən gedirdi. Birdən sərt bir səs eşitdi: – Rədd ol buradan, heyvan! Yoxsa bu saat sənin qol-qabırğanı sındıraram! Pavluşa düşüncələrindən ayrıldı, dayandı, yenə də özünü Qorçakovski küçədə gəzən qorodovoyun qabağında gördü. Geri qayıtdı. Staro-Poliseyski küçə ilə Parapetə getmək istəyirdi ki, çiyninə bir əl qoyulduğunu hiss etdi. Bütün bədəni titrədi, bu əldən bir istilik duydu. O, istilik illər, aylar, həftələr tarixini bir anda xəyalında canlandırdı. Dönüb geriyə baxdı. Yanında Jenyanı gördü. Jenya: – Gəl, yoldaş, – dedi, – gəl! Hara getsəm dalımca gəl! Pavluşa düşünmədən, kipnoza tutulmuş adamlar kimi bilmədiyi tərəfə gedirdi. İpək donun incə xışıltısını dinləyə-dinləyə irəliləyirdi. Duyduğu ətir iyi damarlarında uyumuş sevgi hisslərini oyandırırdı. Pavluşa öz-özünə dedi: «Mən bu qızla barışa bilsəydim, istədiyim həyatı qurmağı bacarsaydım, onu əvvəlki yolda saxlasaydım, o, əvvəlki kimi bir inqilabçı olsaydı, mən nə qədər xoşbəxt olardım! Onda bütün Bakı mənə həsəd aparardı. Məni barmaqla göstərərdilər. – Dərindən bir ah çəkdi. – Ah, bu qız nə qədər sehirkar bir qız imiş!» Jenya, Bayıl yoxuşu başlanğıcında yolu dəyişdi, dəniz qırağına sarı irəlilədi. Bir az getdikdən sonra kiçik bir təpənin üstündə oturdu və Pavluşaya dedi: – Gəl otur, yoldaş! Pavluşa onun yanında oturdu. Danışmırdılar. Yan-yörələrinə, qabaqlarındakı dənizə baxırdılar. Hər ləpədə bir ulduzun göz bəbəyi parlayırdı; hər dalğanın qəlbində bir şəfəqin məhəbbəti çırpınırdı. Ayın sakit işığı Bayıl təpələrini işıqlandırırdı; Jenya ilə Pavluşanın kölgələri ləpələrlə oynayırdı. Qaraşəhərin bacalarından çıxan tüstülərin dənizə əks edən kölgələri, dəmir şəbəkəli pəncərələrin dalında duran, çar üsuli-idarəsinə kin bəsləyən Bakı əməkçilərinin baxışlarını andırırdı. Gəmilərin yelkənləri sönməkdə olan şam şöləsi kimi sola-sağa əyilərkən, Jenyanın başı da Pavluşanın çiyninə düşdü. Jenyanın gözü ayın üzündəki ləkəyə sataşdı, dərindən ah çəkdi: – Ayın da üzü ləkəlidir, – dedi. – Hər şeydə bir ləkə vardır. Bizim apardığımız mübarizə, həyatımızın həqiqiliyini pozan, onun ahəngini dəyişən ləkələri təmizləmək üçündür. Bu günkü mənzərəni tamaşa etmək insana həyatdakı yorğunluğu unutdurur. Məndə bir ruh yüksəkliyi doğur, sanki bütün varlıq mənə öz mübarizəmdə qalib gəlmək imkanı yaradır. Pavluşa, yaxşı bax! Dənizin qəlbi də mübarizin qəlbi kimi həyəcanlı və çırpıntılıdır. Mənə elə gəlir ki, fəzanın geniş pəncərəsindən baxan milyonlarla ulduzlar gözlərini mənə dikmiş, mənim qələbə yollarımı işıqlandırmaq istəyir. Pavluşa, sən görürsən ki, hər şeydə bir şüur, hər görünüşdə bir duyğu hiss edilir. Mən bunların hamısını sevirəm, bütün bu hərəkətlər məni nəşələndirir, ancaq məni düşündürən bir şey varsa, o da yelkənlərdir, çünki onların ixtiyarı küləklər əlindədir. Onlar öz taleyinin, öz müqəddəratının idarəçisi deyildir. Onlar küləklərin əmrini yerinə yetirmək məcburiyyətindədir. Lakin mən belə deyiləm. Mənim ixtiyarım öz əlimdədir. Bizim mübarizəmiz də bu sahədə gedir, biz burjuaziyadan asılı olmamaq, insan kimi yaşamaq uğrunda mübarizə aparırıq. Sən Pavluşa da belə olmalısan! İnsan öz həyatında yelkənə bənzəməməlidir, iradəsi olmalıdır. Pavluşa Jenyanın sarı saçlarına, gözəl üzünə, parlaq gözlərinə baxıb soruşdu: – Bununla nə demək istəyirsən? – Sən inqilabçısan. Vasya da inqilabçıdır. Yaxşı olardı ki, sən özünü onun iradəsi ilə deyil, Bakı komitəsinin intizamı ilə, daha açığı, öz partiyaçı şüurunla idarə edəydin. Mən bir neçə dəfə sənin Vasyanın təsiri altına düşdüyünü görmüşəm. Doğrusu, mənim səninlə olan ixtilafımın səbəbi də budur. Pavluşa papirosuna dərin bir qullab vurub yerə atdı; burun deşiklərindən çıxan tüstü ilə Jenyanı rahatsız etməmək üçün üzünü yana çevirdi. Jenya bunu bir nifrət nümayişi kimi hiss edərək başını Pavluşanın çiynindən çəkdi, acıqlı-acıqlı ona baxdı: – Mən özümün bu qədər mənfur bir qız olduğumu bilmirdim, – dedi. – Sən tamamilə dəyişmisən, mənə başqa cür baxırsan. Pavluşa özünü itirdi. Udqundu, nə deyəcəyini, Jenyanın hiddətini nə ilə sakit edəcəyini bilmədi. Jenya sözünə davam edərək dedi: – Nədənsə səndə son vaxtlar pis fikirlər olur. Sən həmişə insanın pis tərəflərini görməyə çalışırsan. Hətta bir çox adamlar kimi sən də insanların yaxşı tərəfini görməyə qabil deyilsən. Tənqid edənlərlə buyuranlar heç yorulmaz. Sən yazılarını öz həyatından alan, ilhamını öz əxlaqından götürən bir yazıçıya bənzəyirsən. Bir çox tənqidçi yazıçılar vardır ki, yazdığı parçaları öz həyat dəftərindən köçürür. Lakin sən onu bilməlisən ki, insanın verdiyi tiplərdə yalnız mənfi cəhətləri göstərməsi, sağlam və müsbət tərəfləri görə bilməməsi, onun tam mənası ilə yarımçıq yazıçı olduğunu isbat edər. Pavluşa: – Jenya, sən nə danışırsan?! – dedi. – Mən sənə papiros tüstüsü verməmək üçün üzümü çevirdim. Lakin sən məni öz daxili düşüncələrinlə ölçdün. Sən onu bilməlisən ki, hər şeyi bir ölçü ilə ölçmək insanın intixab şüurundan məhrum olması deməkdir. Mən əvvəllər də sənin kişilər haqqındakı fikirlərinə razı deyildim. Sən həmişə kişiləri müvəqqəti, sevgisində yalançı, qadınlara yalnız qadın olduqları üçün yanaşan, ailə həyatına yabançı, sevgi ilə heyvani duyğulara fərq qoya bilməyən bir ünsür kimi hesab edirsən. Jenya təəssüfedici bir halda dedi: – Mən sənin cavabını vermək, məni kişilər haqqındakı mənfi fikirlərlə təhmətləndirmək istədiklərini rədd etmək istəmirəm. Elə olursa, onda bu təpənin üstündə günlərlə oturmağımız lazım gələr. Mən özümü o cür təhmətlərdən tamamilə uzaqda görürəm. Bunu da deməliyəm ki, biz bu uzun müddətdə tapmaca və müəmma şəklindən çıxa bilmədik. İndi bizim ikimiz də fantastik roman tipləri kimi oxucular üçün şübhəli və anlaşılmaz tiplər şəklində qalmışıq. Jenya bu sözlərlə Pavluşanın dərdlərinin qapısını açdı. Pavluşa həyəcanlı bir səslə dedi: – Mən də neçə ildən bəri səni öyrənə bilmədim. Məndən inciməmə, Jenya, sən mənim üçün oxunmaz bir kitab oldun. Səni oxumaq işində sanki mən tamamilə savadsızam. Səni düşünmək olduqca yorucudur. Sən həmişə özün arzuladığın kimi həyatı davam etdirmək istəyirsən, öz dediyin sözləri həyata keçirməyə çalışırsan. Mən səni heç vaxt şüursuz və həyatda yabançı qadınlar çərçivəsində qoymaq istəmirəm, lakin sən bir çox hərəkətinlə özünü o kimi qadınlara bənzədirsən. Sənin bütün hərəkətlərin, oturuş-durushun, məni özündən rədd etmək üçün başlanan bir oyunun zəmanəsidir. Bunu açıq söyləmək və dostcasına rəftar etmək daha gözəl olardı. Sən bunu birkərəlik deməlisən. Sözü gizlətmək və «rədd ol» sözünü dildə deyil, hərəkətdə ifadə etmək mənim yuxarıda söylədiyim qadınların xasiyyətidir. Mən ki sənə heç vaxt mane olmadım, lakin indi... Pavluşa sözünü bitirmədi. Utandımı? İxtilaf çıxacağından qorxdumu? Bunu təyin etmək çətindi. Heç birisi danışmırdı. Bu hal bir neçə dəqiqə davam etdi. Onlar Bakı limanının içərisində üzən gəmiləri, yelkənləri, elektrik lampalarını və sairələrini seyr etməyə başladılar. Şimal küləyi tez-tez Jenyanın saçlarını qaldırıb Pavluşanın üzünə tökürdü. Qarşıdan keçən barkasın trubası boz saçlarını dalısına tökərək şimala doğru üzürdü. Balıq beli kimi titrəyən ləpələr yavaş-yavaş qabarır, ay işığı altında qızıl balıq pərəkləri kimi parlayırdı. Bayıl dağında dustaqxana qarovulunu çəkən soldatın əlindəki süngünün kölgəsi sanki dalğaların incə qəlbini deşməyə tələsirdi. Ayın işığı ilə mübarizə edə bilməyən dəniz fənəri sönməkdə olan məşəlin sarı işığı kimi görünür, yenə də dalğaların arxasında itirdi. Sahil daşlarına toxunub səslənən dalğalar kazakların qamçı səslərini, kənara sıçrayan minlərlə damlalar isə minlərlə dul qadının göz yaşlarını xatırladırdı. Pavluşa uzun sükutdan sonra danışdı: – Jenya, biz dəfələrlə bir-birimizdən küsdük, bir-birimizi qısqandıq, bir-birimizi həftələrlə, aylarla görmədik. Bir-birimizin ayaq qoyduğumuz yeri qılınçladıq, axırda yenə də barışdıq. Bu təbii bir haldır. Müvəqqəti bir hadisədən doğan hər bir ixtilaf uzun müddət davam edə bilməzdi. Lakin bu günkü ixtilaf tamamilə başqadır. Bu ixtilaf, nə müvəqqəti bir hadisədən, nə şəxsi məsələdən, nə də sevgidən doğmuş bir ixtilafdır. Bu, əqidə və məfkurə məsələsindən doğan ixtilafdır. Bu ixtilaf bizi müvəqqəti deyil, həmişəlik ayıra bilər. Sən burjuaziya lagerində möhkəmlənirsən, buna görə də bizimlə olan əlaqən zəifləşir. Jenya ucadan güldü: – Əvvələn budur ki, mən burjuaziya lagerində deyiləm, mən burjuaziya evində qulluqçuyam. Çox təəssüf edirəm ki, sən indiyə qədər bu iki kəlmənin ayrılığını bilməmisən. Sən şəxsi məsələlərlə ümumi məsələlərin də fərqini anlamamısan. Hərgah mən burjuaziya lagerinə köçmüşəmsə, bu ümumi məsələ deyil, şəxsi məsələdir, çünki mən partiyadan getdikdə yalnız özümü aparıram, partiyadan heç bir şey aparmıram. İnsanın əqidəsi onun özünə məxsus bir məsələdir. Pavluşa, mənə yaxşı qulaq as! Məni bolşevik düşməni eləmək olmaz! Sən mənimlə başladığın mübarizəni başqa bir cəbhəyə çevirməlisən. Bu saat Bibiheybət fəhlələri menşeviklərin toruna düşdülər. Şendrikovçular tətilləri içərisindən çürüdür, zubatovçular, ittifaqı bir polis təşkilatına döndərir. Partiya bütün bunlarla ölüm-dirim mübarizəsi aparır. Sən isə iki nəfər qocanı, xəstəni yedirmək üçün bu paltarları geyməyə məcbur olan bir qızla mübarizəyə başlamısan. Pavluşa, biz yoldaş olmaq üçün bir-birimizə söz verdiyimiz zaman əqidəni, partiyalılığı və bitərəflik məsələsini şərt qoymamışdıq. Bu gün mən əqidəmi dəyişirəmsə, o mənim şəxsi işimdir; bunu sənə təkrar olaraq deyirəm. Sən bizim bir-birimizi nə üçün sevdiyimizi deyə bilərsənmi? Biz birinci təsadüfdə, yaxud səninlə bir ailədə yaşarkən bir-birimizi inqilabçı olduğumuz üçünmü sevdik? Mən inqilaba qoşulmasaydım da, sən məni sevəcəkdin. Mənim özüm də sənin kimiyəm. Sevgini yaradan iki xasiyyətin bir-birilə olan uyğunluğudur. Sevgi adətin, uzun müddət davam edən bir ülfətin nəticəsidir. Pavluşanın dili açıldı. İndiyə qədər deməyə qorxduğu sözlərini açıq söyləməyə başladı: – Mən fəlsəfəçi deyiləm, lakin savadsız da deyiləm. Əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz! Sən dediyin sevgi aristokratlara məxsus sevgidir: «Qadın nə əqidədə olursa-olsun, ancaq qadın olsun». Mən, filosof olmasam da, bunun doğru bir fikir olmadığını anlayıram. Sən bilirsən ki, əqidələr bir-birinə mübarizə açmadan yaşaya bilməz. Bir əqidə o biri əqidənin inkişafına meydan verə bilməz. Menşeviklərlə apardığımız mübarizə, sözlərimi sübut üçün kifayət deyildirmi? İki əqidə arasında gedən mübarizənin bir xüsusiyyəti də vardır ki, o da nəticədə bədbəxt hadisələr yaratmaqdan ibarətdir. Jenya, sən özün bir düşün, bir-birinə qarşı bədbəxt hadisələr yaradan iki müxtəlif əqidə sahibləri vahid bir sevgini yaşada bilərmi? Mən sənə eşitmədiyin bəzi sözlər deyəcəyəm, ürəyin sınmasın, gözəl qız. Jenya onun sözünü kəsərək: – Gözəl qız sözünü yenimi öyrəndin? – dedi. – Bu sözün vaxtından dörd il keçdiyini unutdunmu? Biz təzə tanış olmamışıq, bu kimi boyalı sözləri bir də danışma! Pavluşa gülərək dedi: – Keçmiş həyatı xatırlamaq tarixin təkrar edilməsi deməkdir. İnsan həmişə keçmişi xatırlayır, onu sevir, bu nə üçündür? Orada insanın hər şeydən qiymətli olan uşaqlığı və gəncliyi qalmışdır. Bu söz Jenyanın xoşuna gəldi; əlini qaldırıb onun saçlarını sığalladı: – Əziz yoldaş, gəl tarixi təkrar etdirməkdənsə, bir gələcək qurmağa çalışaq. Pavluşa: – Yox, Jenya, – dedi, – tarixsiz insan yaşaya bilməz! İnsan keçib gəldiyi yolları tez-tez xatırlamalı və ondan dərs almalıdır. Gələcəyin yollarını təyin etmək üçün keçmişi unutmamalıyıq! İndi gələk mənim sənə demək istədiyim sözlərə. Biz hazırda iki ayrı-ayrı dünyadan gələn adamlara bənzəyirik. Bu dünyaların arasında böyük və keçilməz bir uçurum vardır. Lakin bu dünyaları birləşdirmək üçün iki yol vardır... – De görüm, o yollar hansı yollardır? Biz o yolları birləşdirə bilərikmi? – Birləşdirə bilərik. Ona görə də biz ya burjuaziya lagerinə keçməli, ya da bolşeviklərə qoşulmalıyıq. Jenya heç də vüqarını pozmadı, tövrünü dəyişmədi, soyuqqanlı bir surətdə sözə başladı: – Görünür ki, sən məsələni qəti qoymaq fikrindəsən. – Buna məcburiyyət vardır. Jenya acıqlı-acıqlı soruşdu: – Nə kimi məcburiyyət ola bilər? – Sən milyonçu evindəsən! – Mən onlara qoşulmaq üçün yox, qulluq etmək üçün getmişəm. Mənimlə yoldaş olmaq xəyalın varsa, mənə azadlıq ver. Mənim sənə vermək istədiyim əl – səmimi əldir. O əli başqalarında görmək çətindir. Mənim orada çalışmağım nə sənin əqidənə ləkədir, nə də bizim sevgimizə manedir. Mən oradan çıxsam belə başqa bir varlının evində işləməliyəm. Sən ki, bizim ailə vəziyyətimizi bilirsən. Sənə yalvarıram, Pavluşa, özünü ələ al, evdəki aclara və xəstələrə rəhmin gəlsin; partiyamız bunu heç vaxt qadağan etməz. Mən öz əqidəmi heç vaxt və heç bir qüvvətə qarşı dəyişən qız deyiləm. Mən yolumu azdırmışamsa, qoy partiya özəyi məni mühakimə etsin. – İş gedib partiyaya çatsa, mən də özümü təmizə çıxara bilmərəm. Çünki mənim səninlə olan dostluq əlaqəmi bilirlər, neçə dəfə demişəm, yenə də deyirəm, sözüm qətidir! Eşitdin ki?! Jenya tutqun bir səslə: – Bəli, eşitdim! – dedi. Gecədən çox keçirdi. Ay yavaş-yavaş batırdı. Qaranlıq qara toz təbəqələri kimi axıb mühiti bürüyürdü. Kiçik dalğalar suya düşən bir qartalın qanadları kimi çırpınır, Pavluşa ilə Jenya da sevgi ilə əqidəni bir-birindən ayırmaq üçün çırpınırdılar. Jenya göz yaşını sildi, Pavluşa isə öz yanlış fikrində davam edirdi. Pavluşa günün çətinlikləri və zamanın əhəmiyyəti ilə hesablaşmır, Hacı Zeynalabdın Tağıyevin bütün Bakı burjuaziyası üzərindəki nüfuzunu qiymətləndirə bilmirdi. O, bütün məsələlərin milyonçu evində həll edildiyini təyin etməyi bacarmırdı: qısqanclıq, onun işə şüurla yanaşmasına mane olurdu; hökumətin bəzi xəyanətləri həyata keçirmək üçün Hacının nüfuzundan istifadə etdiyini anlasa da, qısqanclıq onun həqiqətə yanaşmasına imkan vermirdi. Jenya getmək üçün qalxdı. – Sabah gecə burada görüşəcəyikmi? – deyə soruşdu. Pavluşa cavab vermədi. Pavluşa Qala qapısından içəri girdi. Bolşaya krepostnaya küçəyə yaxınlaşırkən onu daldan bir nəfər səslədi: – Ey, dayan! Səs, Vasyanın səsi idi. Pavluşa dayandı, Vasya yaxınlaşıb onun əlini çox soyuqqanlılıqla sıxdı. Gözlərini yerdən ayırmayaraq soruşdu: – Haradan gəlirsən?! Pavluşa şaşqın bir halda cavab verdi: – Dəniz kənarından. – Yalnızmı getmişdin? – Bəli, yalnız idim. Susdular. Pavluşanın evinə qədər sakit getdilər. Qapıya yetişirkən Pavluşa əlini uzadıb onunla vidalaşmaq istədi, Vasya onun əlini rədd edərək: – Sizə gedirəm, – dedi, – sənə deyiləcək bir neçə sözüm vardır. Pavluşa məsələnin nə yerdə olduğunu anlamışdı. Qapının açarını cibindən çıxarması çox uzun çəkdi. Nəhayət, içəri girdilər. Üz-üzə oturdular. Əvvəlcə hər biri stol üstünə salınmış qəzetin ucundan bir parça qoparıb lülələdi, ciblərinin bucağından maxorka yığıb kağıza tökdü, lampada yandırdı, artıq kağızı dişləri ilə qoparıb yerə püflədi, dərin qullab vurub tüstünü tavana doğru buraxdı. Evdəki kiçik lampanın işığı zəifləşmişdi. Onlar ancaq bir-birinin kölgəsini görürdülər. Heç kəs də cürət edib qabaqcadan söhbət açmırdı. Pavluşa Vasyaya yalan dediyinə görə vicdan əzabı çəkirdi, çünki o, bir neçə gün əvvəl Jenya ilə danışmamaq üçün Vasyaya söz vermişdi, buna görə də Vasyanın ixtilaf çıxarmasından həm qorxur, həm də utanırdı. Vasya sözə başladı: – Pavluşa, indi artıq sənin varlığın mənim üçün heç bir şeyə dəyməz; sən həm qorxaq, həm də yalançısan! – Nə olmuş ki? – Nə olacaq! Sən milyonçu evində yaşayan qızla bir daha görüşməyəcəyin üçün mənə söz vermişdin, lakin sən yalançı çıxdın. Bu yalan bəs deyilmiş ki, başqa bir yalanı da bu gecə dedin. – Elə bu? Bu xırda bir şeydir. Mən ki yolumdan azmamışam. Mən ki iradəmi itirməmişəm? – Bakı milyonçusunun evində yaşayan qızla əlaqə saxlamaq azğınlıq deyildirmi? Əlvan ipəklərə bürünmüş bir qızın başını çiyninə almaq yolu azmaq deyilmi? Sənin bolşevikliyə məxsus əqidən mavi gözlü qızın ətirli nəfəsləri ilə ləkələndi. Sən özün də onun təsiri ilə zəhərlənmisən, başqalarını da zəhərləyə bilərsən. Sən o qızı bir sevgi üçün izlədikdə gec-tez onun əqidəsini də izləyəcəksən. Sevgi elə bir haramzada şeydir ki, onun əlindən qurtarmaq çox çətindir. Bunun üçün də mən sevmirəm və sevməyəcəyəm də! Onu da yolundan azdıran və milyonçu evinə salan sənin axmaq-axmaq xasiyyətlərindir. Onu idarə edə bilmədin, sevgi əlaqəsini yoldaşlıq əlaqəsindən qabağa saldın. O özünü fəhlə hərəkatı yolunda ölümlər qarşısında qoyduğu, jandarmlar, polislər və xəfiyyələrlə baş-başa vurduğu zaman sən ona yol göstərmək və kömək vermək əvəzinə ondan küsdün, onu qısqandın... Necə də ki, hər ikiniz yolunuzu azdınız. Sizdə sevgidən başqa heç bir şey qalmamışdır. Xüsusilə sən indi gülünc bir haldasan. Nə balıqsan nə ət. Çox keçməz ki, o qız sənin sevginə də qiymət qoymaz. Onun getdiyi yol üstündə elələri durmuşdur ki, Pavluşalardan çox-çox gözəl və varlıdır. Pavluşa acıqlandı: – Mən Jenya haqqında bu cür sözlər deməyinə heç də icazə vermirəm! Sən dediyin sözlərdən Jenya uzaqdır. O, yolunu azsa da, yolu üstündə duranlara satılacaq bir qız deyildir. Mən səninlə yoldaşam, lakin bu gündən etibarən mənim yanımda Jenya sözü danışılmayacaqdır. Sən anlayan şeyləri mən də anlamağı bacarıram. O hər nədirsə, onda işim yoxdur. Məni sevir, sevmir, o da özünün xüsusi işidir. O bizim tərəfimizdən təhqir edilməməli və bu cür nalayiq sözlərə meydan verilməməlidir. Sənin sözlərin yoldaş sözləri deyildir. Əsgər əlində bir parça çörək, kağız arasında bir tikə pendir içəri girdi və onları stolun üstünə qoyaraq: – Bu da bizim səhər yeməyimiz, – dedi və kürsünü çəkib oturdu; qəzetdən bir parça kəsib, əlini Pavluşanın cibinə saldı, maxorka çıxarıb eşdi, yandırdı, yoldaşlarından soruşdu: – Belə görünür ki, mənim gəlməyim sizin söhbətinizə mane oldu? Pavluşa göz qapaqlarını qaldıraraq: – Heç bir maneəçilik yoxdur. – dedi, – boş-boş danışmaq Vasyanın peşəsi deyildirmi? Heç bilmirəm bu adam o qızdan nə istəyir? – Kimdən? – Jenyadan. – Nə olub ki? – Nə olacaq?! Mən bu gecə sizdən ayrıldıqdan sonra, küçədə ona rast gəldim. Mən görüşmək istəmirdim, özü məni səslədi, dayandırdı, gəzə-gəzə dəniz kənarına apardı, oturub bir az söhbət etdik. Söhbət də yalnız tənqiddən, təhmət və məzəmmətdən ibarət oldu, vəssalam. Daha mən nə bilim ki, Vasya mənim dalımca gəlirmiş... Nə isə, oradan qayıdanda yolda Vasyaya rast gəldim, axşamdan bəri oturub qızın dalınca yaraşmayan sözlər danışır. – Sizin ikiniz də qəribə adamlarsınız. Danışmağa başqa söhbətiniz yoxdur? Hələ siz bir-birinizi sevirsiniz, mən bilmirəm, Vasyanın burada nə işi vardır? O, nə üçün Jenyanın sözünü danışır? Vasya acıqlandı: – Necə yəni Vasyanın burada nə işi vardır?! Mən sizinlə yoldaş deyiləmmi? Əsgər soyuqqanlılıqla dedi: – Sakit ol, mən sənin üçün Pavluşa-zad deyiləm! Sən mənim yoldaşım olsan da, bir eybini görən kimi üzünə çırparam. Görünür ki, sən xəstələnmisən. Hərgah xəstə olmasan, sən də oturub öz-özünə fikir edərsən ki, mən başqasının ailə həyatına nə üçün qarışıram? Çox da Pavluşa sənin yoldaşındır. Çox da ki, sən axmaq-axmaq danışanda o sənə cavab vermək istəmir. Sənin özün gərək özünü ağır tutub xalqın ailə məsələsinə qarışmayasan. De görüm, Pavluşanın yerində bir başqası olsaydı, sən cürət edib bu cür sözləri deyə bilərdinmi? İndi hünərin varsa, o sözləri mənə də de və mənim sevgilim Suqranın da sözünü danış; onda görərsən ki, bu oğlan sənə nə cavab verər! Vasya gözlərini döyə-döyə dedi: – Sizin ikiniz də əblahsiniz! İndi sizin nə vaxtınızdır? Mən yaşda ikinizdən də böyüyəm, dünyanı da sizdən çox gəzmişəm. Dörd il soldatlıq eləmişəm. Neçə-neçə böyük şəhər görmüşəm. Yenə də özümü bir qıza bağlamaq istəmirəm. İndi sevmək yox, işləmək lazımdır! Pavluşa özünü saxlaya bilmədi. İxtiyarsız gülərək dedi: – Karl Marks bilsəydi ki, bir zaman Vasya kimi bir bolşevik meydana çıxıb, bolşevikin subay qalmasını tələb edəcək, o zaman başqa-başqa qeydlər yazardı. Hərgah mən Vasyanın bu nəzəriyyəsini yeri gələndə rəhbər yoldaşlara deməsəm, heç kişi deyiləm! Vasya papirosu yerə çırpıb təpiyi ilə söndürdü, qapını çırpıb getdi. * * * Xəzər dənizi mavi qanadlarını Sabayil şəhərinin xarabaları üzərinə açıb uyumuşdu. Ay, abı məcməyiyə qoyulmuş qarpız kimi ləkəli üzünü göstərirdi. Ulduzlu fəza dəniz üzərinə çevrilmiş bir süzgəcə bənzəyirdi. Yelkənli gəmilər Narkin adasına salam verir, baş endirir, keçir, ağır-ağır uçan yaralanmış bir qartalı xatırladırdı. Jenya qumlu bir təpəyə qalxırdı. O, Pavluşa ilə görüşmək üçün dünən gecəki yerə gedir, öz-özünə danışırdı: «Kainat dünən gördüyüm kimidir. O mənim fikrim qədər dəyişməzdir. Dalğalar yenə də güləşir, bir-birini təqib edir. Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri, xəyali pərilər kimi Xəzərin dərin hövuzunda çimmək üçün enir». Rüzgarın şıltaqçı barmaqları üfüqlərin köynəyini cırmağda, şərqdən qalxan fabrik tüstüləri ayın üzünə qara örpəyini çəkməkdə idi. Jenya ətrafına baxıb, öz-özünə dedi: «Hər şey yerindədir, lakin Pavluşa yoxdur. Bunun səbəbini bilsəydim!..». Jenya düşünə-düşünə gedirdi. Bir kölgə də onun dalınca sürünürdü. Jenya təyin edilən yerə gəldi, təpənin üstündə oturdu. O, Pavluşanın görüşə gələcəyinə inanırdı; Pavluşa gəlməsi haqqında dillə bir söz deməmişdisə də, sükutu ilə buna razı olduğunu bildirmişdi. Jenya Pavluşaya deyəcəyi sözləri əzbərləyərək, öz-özünə danışırdı: «Biz nə vaxta qədər bu kimi yerlərdə görüşəcəyik? Biz nə vaxta qədər tapmaca şəklində qalacağıq? Bu müəmmalı vəziyyət nə vaxt bitəcəkdir?». Jenya sanki Pavluşanı yanında görür və üzünü ona çevirib deyirdi: «Biz qaranlıq yoldan çıxıb işıqlı bir dünya yolu ilə getmək iddiasındayıq. Biz: «hər bir hadisənin bir səbəbi vardır» — deyə danışırıq. İndi ki bir səbəb vardır, onda bizim sevgimiz də səbəbsiz deyildir. Mən bilirəm ki, sən məndən ayrılmaq istəyirsən, lakin bacarmırsan, çünki bizim sevgidən ayrılmağımız üçün əsaslı bir səbəb yoxdur». Jenya başını əlləri içinə alıb: «O gəlmədi!» — deyə bütün varlığı ilə düşüncəyə daldı. Jenya, ailə qurmağda yalnız mütəqabil sevginin kifayət etməyəcəyini ancaq indi anlaya bildi. O ancaq indi bildi ki, bir səviyyədə olmayanlar bir-birini anlaya bilməzlər. «Mən öz yolumla gedəcəyəm. O məndən ayrılıb getsə də, mən öz hərəkətlərimin mündəricəsi içərisində saxlanan həqiqətlər haqqında ona bir söz belə deməyəcəyəm. Burjuy evində çalışmağım mənim namusumu ləkələyə bilməz. Məni partiyam çox yaxşı tanıyır. Qoy Vasya mənim haqqımda pis fikirlərdə olsun! Qoy Pavluşa onun yanlış fikirlərini «partiya intizamı» deyə qəbul etsin! Mən öz vəzifəmi layiqincə bitirdikdən sonra onların hər ikisini məğlub edəcəyəm». Jenya sanki birdən yuxudan ayıldı. Bakının uçqar bir yerində oturduğunu, onu müdafiə edəcək bir kəsin olmadığını hiss etdi. Ani bir qorxuya tutuldu. Çar Bakısının bütün həqiqətlərini ətrafında görməyə başladı. Qabağındakı daşlara toxunan dalğaların hər birisi bir timsah şəklini aldı. Ulduzlar jandarm gözü kimi ona baxmağa başladı. Bunlar onu basmaq üçün gələn bir parovoz fənəri kimi göründü. Dənizdə parlayan elektrik işıqları onu süngüləmək istəyən bir dəstə çar soldatını xatırlatdı. Külək əsirdi. Küləyin təsiri ilə sarı saçları bir ilan kimi onun boynuna dolaşdı. Bütün mühit sanki bir canavar olub onu təqib edirdi. Ayağının altındakı kiçik daşlar belə ona heybətli bir əjdaha kimi görünürdü. Qalxdı, geri baxmadan qaçmağa başladı. Şose yoluna qədər durmadan yüyürdü. Onu ancaq daldan eşitdiyi bir səs dayandırdı. – Yoldaş Jenya, qaçma, dayan! Nədən qorxursan? Dayan! Bu səs Əsgərin səsinə bənzəyirdi. Jenya dayandı. Əsgər gəlib ona çatdı. Jenya onun əlindən tutub hiddətindən ağladı: – O məni heç bir şey hesab etmir. O bilirdi ki, mən burada olacağam. Heç utanmadı, məni burada tək qoydu. — Jenya bir az sakit olduqdan sonra, Əsgərdən soruşdu: — Bəs sən haradan gəlirdin? – Dünən gecə Vasya ilə Pavluşa dalaşdıqdan sonra bildim ki, Pavluşa səninlə görüşməyə gəlməyəcəkdir. Mən bunu sənə demək istəyirdim. Bayıldan qayıdırdım. Bura gəldim. Təpənin üstündə oturduğunu gördüm, qıraqda durub qarovulunu çəkdim. – Bəs sən Bayıla nə üçün getmişdin? – Xanlar yoldaşla bərabər Bibiheybətdə iclas aparırdıq. Jenyanın əli Əsgərin əlində ikən yenə acığından və qorxusundan bütün bədəni titrəyirdi. Əsgər ona nəsihət verməyə başladı: – Mən belə məsləhət görürəm ki, bir də bu cür yerlərdə dolanma! Pavluşa ilə bərabər olsa da, bu tərəflərə gəlmə! Mən Bakını Pavluşadan yaxşı tanıyıram. Mən Vasya və Pavluşanın sözünə baxan deyiləm. Mən bilirəm ki, sən bizim yoldaşımızın qızısan, bizim də yoldaşımızsan. Qulluq eləmək ayıb deyil, ancaq bir az ayıq ol! Varlı evləri xatalıdır. Bu evlərin sahiblərində vicdan yoxdur, onlar bizi adam yerinə qoymurlar. Fəhlə namusu onlar üçün heç dərəcəsindədir. Jenya: – Əsgər, sən əmin ol! — dedi. — Sən bilirsən ki, mən sənin xatirini yoldaşların hamısından artıq istəyirəm. Mən elə bir qız deyiləm ki, gözümü üfürən olsun. İndi de görüm sənin öz işin necədir? Düzəlir ya yox? – Düzələn kimidir. Ata-anası bir az yekədən başlayıbdır. Amma Suğranın özü öldüm-keçdimdədir. Biz günaşırı görüşürük. – Ona məndən salam söylə. Ayrapetə, onun arvadı Varvara bacıya, Ayrapetin şakirdi balaca Heybətə, Xanlara və başqa yoldaşlara da məndən salam yetir. De ki, mənim ürəyim onlarladır. Jenya beş manat da pul çıxarıb Əsgərə verdi: – Əsgər, bu pulu hər nə cür olsa, sabah bizim qocalara apar. Mənim əvəzimdən də onları öp! Əsgərlə Jenya söhbət edə-edə Naberejnı küçəyə qədər gəldilər. Vasya gizlicə onların dalınca gedirdi. O da Əsgər kimi düşünərək, Pavluşanın görüşə getməyəcəyini yəqin etdiyindən, Jenyanı müdafiə üçün o tərəflərdə dolaşırdı. Əsgər ayrılıb getdikdən sonra Vasya Jenyanı Hacı Zeynalabdın Tağıyevin evinə qədər təqib etdi. Jenya milyonçu qapısının zəngini çaldı, gəlin kimi bəzəkli qapı açıldı. Hacının hacasaqqal qapıçısı başını bayıra çıxartdı, yanlarına sarı zəncirə tikilmiş furajkasını götürüb gündə yüz dəfələrlə əyilən başını bir daha Jenyanın qarşısında əydi. Vasya tində durub onlara baxırdı. O, yenə də Jenya haqqında başqa cür düşünürdü. Bu vəziyyətlə heç cür barışa bilmirdi. Buna görə də Jenya qapıdan içəri girəndə Vasya nifrətlə dedi: – Get! Sən başdan-ayağa şübhə içindəsən! Sənin sevgin də, baxışın da, işin də, sözlərin də, gözlərin də bir şübhədir. Sən ən yaxşı bir bolşeviki bizim əlimizdən alıb özünlə bərabər çirkaba salmaq üçün hazırlanırsan, lakin mən bununla mübarizə edəcəyəm. Sən onu bilməlisən ki, hazırda milyonçu evində işlətdiyin ətirlər, bir az əvvəl azadlığı yolunda mübarizə apardığın Bakı proletariatının qanı və təridir! Sən hansı bir ailədə doğulub, hansı mühitə düşdüyünü xatırlayırkən utanırsanmı? Sən getdin, çünki bolşeviklərdə bu saraylar, qızıllar, sən geydiyin ipək paltarlar, səni çiçəkləndirən şlyapalar yox idi. Bunun üçün də sən bizdən uzaqlaşdın. Biz ki sənə bir yamanlıq etməmişdik! Get! Get! Bir daha bizim tərəfə qayıtma! * * * Menşeviklərin yeni xəyanəti Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar. Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi. Bibiheybət menşevikləri qulaqlarını şəkləyib İlyanın danışıqlarına qulaq asırdılar. Bolşeviklərdən gələn çox idi. Onlar bir-birinə yaxın oturub məsləhətləşirdilər. İlya sözünü belə başladı: – Yoldaşlar! Hərgah biz, məsələnin həqiqətini aramış olursaq, görəcəyik ki, bolşeviklərlə menşeviklər arasında heç bir fərq yoxdur. Biz ayrı deyilik, aramızda fərq olsa da, çox azdır. Partiyamızın proqramı birdir, ikinci bir proqramı yoxdur; hərgah varsa, bunu iddia edənlər bizə göstərsinlər. Yoldaşlar! Bunu iddia edənlər, — aramıza ayrılıq salmaq, bundan istifadə etmək istəyənlərdir. Bizim aramızdakı fərq nədir? Onu gəlin çox açıq söyləyək. Ayrılığımız yalnız xətti-hərəkətdədir. Biz nə deyirik? Bolşevik nə deyir? Biz deyirik ki, fəhlə sinfinin fəlakətinə çalışmaq, tarixi bir xəyanətdir. Biz fəhlələri, öz yanlış xətti-hərəkətimizlə çar dustaqxanasına və jandarm qamçıları altına göndərmək istəmirik. Biz deyirik ki, öz xətti-hərəkətimizlə fəhlələrin sürgünlərə, ölümlü səfərlərə getməsinə səbəb olmayaq, biz əvvəlcə fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Siyasi məsələlər sonranın məsələsidir! Yoldaşlar! Silahsız, aciz və elmsiz fəhlənin hökuməti ələ almaq uğrundakı mübarizəsi xam bir xəyal deyilmidir? Bu hərəkət düşmənin vaxtından əvvəl hazırlanmasına səbəb olmayırmı? Bolşeviklərin siyasi mübarizə şüarı burjuaziyanın möhkəmlənməsinə və bizə qarşı mübarizə cəbhəsi düzəltməsinə meydan açmırmı? Bolşeviklər mübarizə cəbhəsini zəiflədir, fəhlə sinfinin xoşbəxtliyinə çalışmaq üçün lazım olan qüvvətin iki tərəfə bölünməsinə səbəb olurlar. Bizim bu ayrılığımızdan çar jandarmeriyası sevinir. Əlbəttə sevinir, çünki hökumət belə bir fürsəti çoxdan axtarırdı. Bibiheybət fəhlələri boynunu uzadıb qulaq asır, arabir də yerlərindən səslənirdilər: – Əlbəttə ki, belədir! İclasda şendrikovçuluq ruhu getdikcə artırdı. Aldanmış qulaqlar İlyanın daha uzun danışmasını arzu edirdi. İlya sözünə davam edirdi: – Buna görə də, biz deyirik ki, siyasi məsələ ilə iqtisadi məsələni qarışdırmayaq! Bunu qarışdırmaq, fəhlə sinfinə xəyanət eləmək və çar jandarmının qoluna qüvvət vermək deməkdir. İlya sözünü bitirdi. Danışmaq üçün söz istəyən yox idi. Menşeviklər özünü qalib hiss edirdilər. İclasda İlya kimi dil pəhləvanının qabağına çıxaraq, onu ifşa edə biləcək bir kəsin olduğuna inanmırdılar. Pavluşa danışmaq üçün söz aldı. Vasya özünü düzəltdi; o, Pavluşanın nitq deməyini və hazırcavablığını çox yaxşı bilirdi. Sevinclə dedi: – Pavluşa, ayağa qalx! Neçə gündən bəri Vasya Pavluşanı danışdırmırdı. Bu söz ona yeni bir qüvvət verdi, o ayağa qalxdı: – Yoldaşlar! — dedi. — Bizim içimizdə elələri vardır ki, onlar hələ indi də fəhlələrin avamlığından istifadəyə çalışırlar, boyalı sözlərlə onların gözlərini pərdələmək istəyirlər. Yoldaşlar! Fəhlə sinfinin bədbəxtliyi orasındadır ki, onlar bir neçə cəbhədə mübarizə aparmağa məcburdurlar. Onlar bir tərəfdən çar üsuli-idarəsi, Rusiya burjuaziyası və onların müdafiəsində duran polislərlə, bir tərəfdən də çar və burjuaziya ilə barışanlarla mübarizə aparırlar. Mən bir çoxlarına demək istəyirəm ki, daha gözdən pərdə asmaq vaxtı keçmişdir; fəhlə sinfi dostunu, düşmənini tanıyır və öz xətti-hərəkətini təyin etməyi bacarır. İndi gələk İlya yoldaşın çıxışına. İlya yoldaş öz nitqi ilə nəinki bolşevik fəhlələri öz doğru yolundan sapdırmağı bacarmadı, hətta menşevik fəhlələri də öz dediklərinə inandıra bilmədi. O deyir ki: «Bolşevik və menşevik birdir, aralıqda bir fərq yoxdur. Fərq olsa da çox azdır». İndi mən üzümü Bibiheybət fəhlələrinə tutub deyirəm: siz bilirsiniz ki, İlya yoldaş savadsız deyildir. O, bu iki cəbhənin arasındakı fərqləri də bilməmiş olmaz. İlya yoldaş bu iki cəbhənin bir-birilə barışmaz cəbhə olduğunu burada oturanların hamısından yaxşı bilir. İşin təəssüf ediləcək yeri burasındadır ki, nə İlya, nə də onun dalınca gedənlər üçün bu həqiqəti söyləmək əlverişli deyildir. Hərgah menşeviklər bolşeviklərlə öz aralarındakı fərqləri göstərmiş olsalar, o vaxt Balaxanının və Bibiheybətin fəhlələrinin avam və idraksız hisslərini öz tələlərində görə bilməzlər. O fərqlər açıq deyildiyi zaman, bütün fəhlə sinfi öz həqiqi partiyası ətrafına toplanaraq, barışdırıcı başçıları yalnız buraxmış olacaqlar. Lakin İlyanın özü «aralıqda fərq yoxdur» dediyinə baxmayaraq, haman fərqlərin ən mühüm bir hissəsini göstərir. O nə dedi? O dedi ki: «Biz, fəhlələrin ancaq iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışmalı, siyasi mübarizə və hökuməti ələ almaq şüarından vaz keçməliyik!». Yoldaşlar! Bu sözlər bizimlə menşeviklər arasında olan böyük fərqlərdən birisidir. Bununla menşeviklər bizi fabrik-zavod sahiblərinin mərhəmətinə sığınmağa və onlara yalvarmağa çağırır. Bununla biz, yenə də burjuaziyanın sədaqətinə göz dikmiş olacağıq. Lakin menşeviklər yubanmışlar! İyul çıxışlarından və dekabr tətillərindən sonra iqtisadi tələblər üsuluna keçmək irticaçılıq və geri qayıtmaq deməkdir. Məncə bu üsulu təsdiq edə biləcək idraksız fəhlələrin sayı da gündən-günə azalır. Yoldaşlar! İndi İlya yoldaşın məntiqsiz çıxışlarını sizin özünüz də mühakimə etməlisiniz! Siyasi mübarizə olmadan, iqtisadi vəziyyəti yüngülləşdirmək mümkündürmü? Nə üçün dinmirsiniz? Cavab verin! Pavluşanın sualına menşeviklərdən cavab gəlmədiyi üçün o, yenə də sözünə davam etdi: – Siyasi mübarizədə qalib gəlmədən, iqtisadi vəziyyəti yaxşılaşdırmaq iddiasında olanlar, fəhlələri aldadır, bununla da özlərinin burjuaziya ilə barışdıqlarını pərdələmək istəyirlər. Mən heç vaxt menşeviklərə qorxaq və savadsız demirəm. Ancaq bunu cəsarətlə demək istəyirəm ki, onlar burjuaziyanın ətəyindən əl çəkmək və onları acıqlandırmaq istəmirlər. Mən sözümü qısa dedim. Həqiqət çox qısa, çox da aydın deyilməlidir. Bizimlə menşeviklər arasında olan fərq bundan ibarətdir. Bu həqiqəti gizlətmək, çıdanı çuvalda gizlətmək kimi xam və gülünc xəyaldır. Məclisdə gurultu qopdu. – Demaqoq! – Siyasi savadsız! – Xəyalpərəst! – Südəmər! – Xain! Bu kimi sözlərlə bərabər, menşeviklərin dalınca gedən avam fəhlələr Pavluşanı söyürdülər də. Bu səslər Bibiheybət və Balaxanı fəhlələri oturan tərəflərdən eşidilirdi. Bu səslər Vasyanı yerindən qalxmağa məcbur etdi. O danışmaq üçün söz istədi, sədr ona söz vermədən dedi: Yoldaşlar! Biz çoxdan bəri bir yerdə əlbir işləmiş və bir sırada mübarizə aparmış yoldaşlarıq. Bizim cəbhələrə ayrılmağımızın tarixi də o qədər uzun deyildir. Buna görə də ümumi məsələlərdən danışdığımız zaman, tək-tək şəxsiyyətlərə toxunmamalıyıq. Mən sizdən ancaq bunu xahiş edirəm. Vasyaya söz verildi. Vasya qısa paltosunu yerə ataraq dedi: – Yoldaşlar! Nə çar kazakları, nə də burjuaziyanın əzici istismarı bizim ağzımızı yuma bildi. Beş-altı nəfər aldanmış və siyasi cəhətdən kor olmuş idraksızlarmı bizim ağzımızı yumacaqdır?! Biz heç vaxt satılmayacağıq! Bizi satanlarla, bizi burjuaziya ilə barışdırmağa çalışanlarla, onların dalınca gedənlərlə də biz mübarizə aparacağıq. Hər tərəfdən səslər eşidildi: – Səndə o hünər yoxdur! Çox da ağzını dağıtma!.. Vasya bu səslərə də cavab verdi: – Söyüşü biz də bacarırıq. Lakin bu, məsələni həll etmir! Biz menşeviklərdən ayrıldığımız gündən bəri onlarla vuruşmağı qərara almışıq. Biz fəhlə sinfinin düşmənləri ilə də mübarizə aparırıq, lakin bu mübarizə söyüşlə deyil, menşeviklərin xəyanətini ifşa etməklə mümkündür. Mən indi əsil məsələyə keçirəm. İlya yoldaş burada fəhlə sinfinin iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan çox danışdı. Yoldaşlar! İndi də mənə qulaq asın, fəhlələrin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün menşeviklərin sahibkarlara verdiyi tələblərin bir neçəsini misal olaraq sizə göstərəcəyəm: Fabrik-zavodlarda əlüzyuyanlar qoyulmalıdır. İçmək üçün qaynanmış və buzlu su olmalıdır. Paltar qoymaq üçün şkaf olmalıdır. Maaş iş vaxtında verilməlidir. Zavod-mədən müdiri filankəs işdən götürülməlidir. Yoldaşlar! Fəhlələrin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün menşeviklərin verdiyi tələblər bundan ibarətdir. Biz bolşeviklər isə belə demirik. Biz deyirik: Səkkiz saatlıq iş günü. İldə bir aylıq istirahət məzuniyyəti. Maaşlar otuz faiz artırılsın. Xəstələnmiş fəhlələrin maaşı verilsin. Fəhlələrin ailəsi xəstə olduğu zaman müəssisə və ya hökumət hesabına müalicə olunsun. Zirzəmilərdə vərəm alan fəhlələrə təmiz və səhiyyə cəhətindən əlverişli yaşayış mənzilləri verilsin. Yoldaşlar, indi sizin özünüz bizimlə menşeviklərin arasında olan fərqi müqayisə edin! Fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq üçün doğru mübarizə aparan kimdir? Bizmi? Menşeviklərmi? Yoldaşlar! Mübarizə bununla bitmir; biz bilməliyik ki, nə qədər çarizm yaşayır, nə qədər hökumət istismarçıların əlindədir, fəhlələrin halı yaxşılaşmayacaqdır. Budur ki, fəhlə sinfi çarizmi məhv etməyə, burjuaziyanı devirməyə can atmalıdır, bu isə yalnız silahlı üsyan yolu ilə mümkündür. Budur ki, biz fəhlə sinfinin, çar üsuli-idarəsini devirmək uğrunda mübarizəyə, silahlı üsyana çağırırıq. Bu yolda hər kəs bizimlə əlbir işləmək istəyirsə, buyursun, istəmirsə, bizə əngəl törətməsin, yolumuzda tikan əkməsin! İclasda başqa danışanlar da oldu. Vasyaya yumruq göstərən və hədələyənlər də var idi. Bir çoxları da «sənə bayırda göstərərik!» — deyə onu söydü. İclas qurtardı. Əsgər, Pavluşa, Ayrapet, Məmməd və sair fəhlələr iclas salonundan birlikdə çıxdılar. Ayrapetin şakirdi Heybət öz adamları ilə qapıda durub gözləyirdi. Vasya və Pavluşaya yumruq göstərənlər Heybətlə yoldaşlarından qorxub, səslərini çıxara bilmədilər. * * * Menşeviklər burjuaziya xidmətində Hacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi. Bu gün həmin qorxulu günlərdən birisi idi. Hacı hələ yatmışdı. Texniklər məktəbinin direktoru Mixaylovski Hacının görüşünə gəlmişdi. Hacı Mixaylovskini gecə paltarında qəbul etdi. O, bir gizlin müşavirə üçün gəlmişdi. Müşavirə salonundakı telefonla qubernatorun evi ilə tez-tez danışılırdı. Hacı tez-tez dəstəyi götürüb danışır, yenə yerinə qoyurdu. Vəziyyət bu günün qorxulu bir gün olduğunu göstərirdi. On səkkiz nəfər gənc qulluqçu qız yataq otağının dəhlizində durub xanımın yuxudan oyanmasını gözləyirdi. Hacının evinə vaxtından əvvəl gələnlərin sayı artırdı. Xanımın vaxtından əvvəl yuxudan oyanaraq, qulluqçuları səsləmədən Hacı ilə telefonla danışması, qulluqçuları heyrətə saldı. Hacının yataq otağı ilə xanımın yataq otağındakı telefonların səsini ancaq yatmaq zamanı eşitmək olardı. Səhər tezdən telefonla danışmaq ən az və təsadüfi hadisələr zamanında eşidilirdi. Mixaylovski Hacının yanından ayrılıb xanımla görüşmək üçün gözləmə salonunda oturmuşdu. Hacı arasıkəsilmədən qubernator ilə danışırdı. Mixaylovski olduqca həyəcanlı idi. O, özü üçün bir məşğuliyyət axtarırdı. Jenya, Mixaylovskinin səhər tezdən gəlməsi və Hacı ilə müşavirədən sonra xanımla görüşmək istəməsi ilə maraqlanır, onun ətrafında fırlanır, bu barədə bir şey öyrənmək istəyirdi. Mixaylovski gənc və gözəl qızın tez-tez gəlib-getdiyini və ona dərin nəzərlər saldığını görüb, saçını və yaxalığını sahmana salmağa başladı, Jenyanı səslədi: – Gözəl qız, xanımın yuxudan durmasına çoxmu qalmışdır? Jenya saata baxıb dedi: – Xanım yuxudan çoxdan ayılmışdır, lakin adi vaxtına hələ yarım saatdan da çox qalmışdır. Mixaylovski qıza sual verməyə başladı: – Siz burada nə vəzifəsində işləyirsiniz? – Mən xanımın paltarını idarə edirəm. – Hacının paltarının idarəsi də sizin öhdənizdədirmi? – Xeyr, onun üçün başqası vardır. – Savadlımısınız? – Dörd sinifli şəhər məktəbini bitirmişəm. – Harada? – Krasnoyarsk şəhərində. – Nə üçün bundan artıq oxumadınız? – Ailəmizin başçısı vaxtından əvvəl öldüyündən, daha oxumaq mümkün olmadı. – Oxumağa rəğbətiniz vardırmı? – Həddindən artıq! – Elə isə nə üçün oxumursunuz? – İşləməklə oxumaq bir yerdə mümkün deyil. – Zənnimcə xanım da, Hacı cənabları da sizin oxumanıza mane olmazlar. – Elə olursa mən özümü xoşbəxt hesab edərəm. – Siz məni tanıyırsınızmı? – Xeyr, tanımıram, lakin xanımın və Hacının yanında sizin hörmətli bir zat olduğunuzu bilirəm. – Mən texniklər məktəbinin direktoruyam. Mixaylovskiyəm. Yalnız Hacı deyil, bütün Bakı milyonçularının, hətta cənab qubernatorun hörmət bəslədiyi bir zatam. – Hörmətinizin dərəcəsi bundan da yüksək olsun! – Mərhəba! Ədəbli qızsınız. Sizə qulluqçu qız demək yaraşmır. Lakin Hacının evində qulluqçu olmaq böyük bir şərəfdir. Siz bu şərəfi təqdir etməlisiniz. Xüsusən, onun xanımının xidmətində olmağın özü bir səadətdir. Bu səadətə hər kəs nail ola bilməz. Sizin xanımın özünü də imtahanlara mən hazırlamışam. İndi deyin görüm, gimnaziyaya hazırlanmaq istəyirsiniz? – İstəyirəm! – Elə isə siz məqsədinizin yerinə yetirilməsi işini mənə tapşırınız. – Kəmali-məmnuniyyətlə! – Mən xanım ilə də bu barədə danışaram. Siz müəyyən saatlarda məktəbə gələ bilərsinizmi? – Xanımın icazəsi olursa, gələ bilərəm. Söhbət zamanı Mixaylovski Jenyanı başdan-ayağa qədər gözdən keçirirdi. Jenyanın hərəkətləri onu titrədirdi. Jenya Mixaylovski ilə tanış olmasından şadlanırdı. Bu tanışlıqla o, texniklər məktəbindəki tələbələrlə, hətta III Aleksandr adına olan gimnaziya tələbələri ilə də tanış ola biləcək, onların arasında iş aparacaq idi. Bakıda gənclər arasında çox az iş aparılırdı. Xanımın zəngi vuruldu. Jenya yataq otağına girdi. Mixaylovski, Hacı və xanımın çay stolunun başında oturmuşdu. Hacı Mixaylovskiyə dedi: – Ümumi tətil qorxulu tətildir! Xanım heç də vəziyyətini dəyişmədən: – Ayaqyalınlar! Murdarlar! — dedi və qaşıqla qaymağı Mixaylovskinin qabağındakı boşqaba qoydu. Öz fabrikində başlanan tətildən Hacının hələ xəbəri yox idi. Bir stəkan çay içməmişdi ki, telefonun zəngi səsləndi. Hacı dəstəyi tələsik götürdü: – Bəli, Hacı özüdür... Bəli, bəli, eşidirəm! Sözü qısa de görüm nə var? Tətil?.. Hamısı? — Hacı dəstəyi yerinə qoydu. — Fabrikdə tətil başlamışdır. Xanım: – Alçaqlar! Ayaqyalınlar! — deyib Hacının çayını təzələdi və soruşdu: – Şendrikovçular bir iş görmədilərmi? Hacı: – Onlar da tətildə iştirak edirlər, — dedi, — bunsuz da olmazdı, yoxsa fəhlələr onların ətrafından çəkilərdilər. Mən Levi də bura çağırmışam. Çayı tez qurtarmaq lazımdır. – Çaya çağırsaydın yaxşı olmazdımı? – Tez gələrsə, zərəri yoxdur! – Əyni-başı təmizdirmi? Adam yanında özünü apara bilərmi? – İntelligentdir, centilmendir. Telefonun zəngi səsləndi. Hacı sözünü yarımçıq qoyub dəstəyi götürdü, əlinin titrəməsindən, rənginin ağarmasından qorxulu bir xəbər aldığı görünürdü. Dəstəyi yerə qoydu, adəti üzrə başının təpəsini sığalladı və sözünü çox təəssüfedici bir halda başladı: – Dəyirman da tətil etmişdir; fabrikdəki iranlılar da tətilə qoşulmuşlar. Hələ paroxodlarda nə olduğundan xəbərim yoxdur. Heç şübhə yoxdur ki, bu xəstəlik hər tərəfə sirayət eləyəcəkdir. Hacı sözünü qurtarmamışdı ki, Levin gəldiyini xəbər verdilər. Xanım getdi. Lev çay içə-içə sözə başladı. – Bəli, Hacı, necə ki, sizə ərz etmişdim, elə də oldu. Hacı soruşdu: – Tətilin başında duranlar kimlərdir? Hansı firqələrdir? – Bolşeviklər, menşeviklər, daşnaqlar və hinçokistlərdir. – Daşnaqlar bizə söz vermişlər. Tətildə axıra qədər iştirak edə bilməyəcəklər. – Elədir, Hacı. Onlar təmiz adamdırlar, onları bolşeviklərlə müqayisə etmək olmaz. Onlar öz adamlarını qandırmağı bacarırlar. – Eserlər nə fikirdədirlər? – Onlar azdırlar. Əhəmiyyətləri yoxdur. – Bu tətilin tələbləri nədir? – Tələblərin surətini yazıb gətirmişəm. Lev qoynundan bir kağız çıxarıb oxudu. Tələblər on üç maddədən ibarət idi: Səkkiz saatlıq iş günü. Fasiləsiz işlərdə üç növbət üsulu. Ailəsizlərə bir, ailəlilərə iki otaq. Tibbi kömək müəssisə hesabına olmalıdır. Xəstələnənlər yarım günün maaşını almalıdırlar. Yayda buzlu və qaynanmış su olmalıdır. Fəhlə mənzillərindəki taxta çarpayı yerinə dəmir çarpayı olmalıdır. Maaşın sexlərdə paylanması məsələsi qaydaya salınmalıdır. Bir il işləmiş fəhlələrə müəssisə hesabına bir ay məzuniyyət verilməlidir. Fəhlə balalarından ötrü məktəb açılmalıdır. Ezamiyyə və yolxərci verilməsi qanunu qəbul edilməlidir. Fəhləni işdən çıxardıqda iki həftəlik maaş verilməsi və ya iki həftə qabaq o xəbərdar edilməlidir. Tətil günlərinin maaşı tamamilə verilməlidir. Hacı xırda gözlərini Levin ağzına dikib diqqətlə qulaq asırdı, Lev sözünü bitirdikdən sonra Hacı saqqalını əli ilə sığallayaraq: – Ola bilməz! — dedi. — Birinci maddə ilə on ikinci maddəni tamamilə oradan çıxarmalıdır. Doqquzuncu və on üçüncü maddəni heç eşitmək də istəmirəm. Altıncı maddə ilə üçüncü maddəyə gəldikdə, bunları bəlkə müəssisə sahiblərindən bəziləri boynuna götürdü. Dördüncü, səkkizinci, on birinci maddə isə fəhlələri yolundan azdırmaq və onlara təslim olmaq deməkdir. Bu maddələrin heç birisini cənab qubernatorun yanında oxumaq olmaz. Siz gərək bu tətillərin tələblərini özünüz düzəldəydiniz. Lev bir az düşündü, rəngi qızarmış və xəcalətli bir halda: – Hacı cənabları, doğru buyurursunuz, — dedi. Lakin tətil komitəsində iştirak edənləri razı salmaq mümkün deyildir. Xüsusən, bolşeviklərin tələbləri daha kəskindir. – Bolşeviklərdən kim iştirak edir? – Alyoşa Caparidze, Vanya Fioletov və Stepani. – Menşeviklərdən kimdir? – İlya, Taras, bir də mən. İlyanın ancaq adı vardır, özü iştirak etmir. – Erməni firqələrindən kimdir? – Tiqran Arutyunyans, David Ter-Danielyan, bir də Minas iştirak edirlər. Hacı tənqidedici bir surətdə dedi: – Görünür ki, komitədə qəti səsə malik deyilsiniz. Mən şəxsən sizə tərəfdaram, çünki siz ziyalı adamlarsınız. Sizinlə yola getmək mümkündür, menşevik tərbiyəsi hər bir fəhlə üçün lazımdır. Lakin oxuduğunuz tələblər fəhlələrin yoldan çıxarıldığını göstərir. Cənab Lev! Siz hələ uzun müddət fəhlələr arasında işləməlisiniz. Sizin içərinizdə ziyalı adamların çoxluğu bizə böyük ümidlər verir. Özünüz də ziyalısınız. Ziyalı adamla yola getmək və iş düzəltmək o qədər də çətin deyildir. Yenə də sizə deyirəm: çox işləməlisiniz! Ətrafınızdakıların sayını nə qiymətə olursa-olsun artırmalısınız. Sizin bolşeviklərlə olan mübarizə üsullarınızdan xəbərim yoxdur. Mənə qalırsa, birinci növbədə bolşevik natiqlərini mədənlərdən qovmağa çalışmalısınız; bu da nə döymək, nə də söyməklə mümkündür. Siz onları avam fəhlələrin nəzərində ləkələndirməlisiniz, onları pis adamlar kimi göstərməlisiniz, böhtanlarla və başqa yollarla onları fəhlələr arasında nüfuzdan salmalısınız. Bu barədə hər nə qədər pul lazım olursa, vermək mümkündür. Mən bütün Bakı varlıları tərəfindən sizə söz verirəm. Özüm də birinci kömək olmaq üçün pul ayırıram. Bu barədə qubernator cənabları ilə danışmışam, yenə də danışaram. Cənab qubernator sizdən arxayındır. Əyri yolda işləmədiyinizi də bilir. Siz özünüz də çalışın ki, cənab qubernatorun sizin haqqınızda olan bu fikri get-gedə möhkəmlənsin. Sizə bir də tapşırıram: tətildə yaxşı iştirak etməlisiniz. Tətilin içinə soxulmadıqca ona təsir edə bilməzsiniz, onu yıxa bilməzsiniz. Hacı danışdıqca, Lev çay içir, yağlı çörəkləri ötürürdü. Hacının cavablarını bəzən ağzı yeməklə dolu ikən verirdi. «Böyük» və «lazımi» tapşırıqlardan sonra Hacı paket içərisindəki pul çekini Levin qabağına qoydu. Lev razılıq verib getdi. Hacı böyük salonda toplananların yanına keçməli idi, qulluqçu iki dəfə gəlib onu çağırmışdı. Bu vaxt Jenya gəlib xanımın tapşırığını Mixaylovskiyə söylədi: – Möhtərəm cənab, xanım sizi kiçik salonda gözləyir. Mixaylovski: – Rica edirəm, məni siz aparınız, — dedi. * * * Mixaylovski kübarlara məxsus kiçik Şərq salonuna girdi; abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb Brokkauz Yefron tərəfindən nəşr edilmiş «Min bir gecə» romanını oxuyurdu. Xanım Mixaylovskini görüb güldü, əlindəki kitabı divanın böyründəki stolun üstünə atdı. Mixaylovski onun əlini sıxarkən kitaba baxıb güldü. Xanım onu eyni təbəssümlə qarşıladı. – Yenə Bağdadın sirli saraylarını öyrənməyə çalışırsınız! Xanım qaşlarını dartaraq, bir ah çəkdi. – Bəli, çalışıram! — dedi. — Mən bu qəfəsin şəklini dəyişmək istərdim. Bu barədə siz də mənə kömək etməlisiniz, çünki mənim bu qəfəsə düşməyimdə sizin də iştirakınız olmuşdur. – Mən həmişə xanımın xoşbəxt olmasına çalışmışam, yenə də əlimdən gələni etməyə hazıram. – Mən Bağdad sarayları ilə maraqlanıram. Mən elə bir saray və elə bir həyat düzəltmək istəyirəm. Mənə bu yolda həqiqi və əsas köməyi ancaq Şərq romanları verə bilər. Mən Şərq romanları və Şərq hekayələrini çox tez-tez oxuyuram. Bunları Hacı da sevir, mən ona bəzən bu romanları gecələr oxuyuram. Hacının özü də deyir ki, bu romanlar insanı həyəcana gətirən və gənclik duyğularını ona qaytaran romanlardır. Mixaylovski bu sözləri təsdiq edərək: – Doğrudur, xanım, — dedi, — bu barədə mən də Hacı ilə razılaşıram. O yaşda olan insanlar həmişə Şərq romanlarındakı qadınlar haqqında yazılan səhifələri oxumaqdan həzz alırlar. İnsan o kimi romanları oxuduqda unudulmuş gənclik duyğularını xatırlayır, gənclik nəşələrini qaytara bilir. Mən Şərq salonu və Şərq kübarlarına məxsus həyatın düzəlməsi işində sizə həqiqi kömək etməyi bacararam. Mənim kitabxanamda «Bağdad dünyası» adlı bir kitab vardır. Ərəbcədən almancaya tərcümə edilmişdir. Əsərdəki parçalar məşhur ərəb alimləri olan İbni-Əsir-Əbulfəda, İbni-Xəlkan, İbni-Xəldun və sairələri tərəfindən yazılmışdır. İnsan o kitabı əlinə götürdüyü zaman, doğrudan da özünü xəlifə Harunərrəşidin sarayında hiss edir. İnsan sanki «Bağdad gecəsi» poemasını eşidir. Mən o kitabın zəngin vərəqlərini çevirirkən nələri görmürəm! Gah Dəlileyi-möhtalə adlı Bağdad qarısının, tacirin arvadını aldadıb həkimə aparmaq bəhanəsi ilə bir Bağdad varlısı ilə görüşdürdüyünü oxuyuram, gah da Harunərrəşidin bacısı Abbasə xanımın Cəfərlə gizlin görüşlərini və bu görüşlər nəticəsində yenə iki oğlan doğduğunu xatırlayıram. Haman kitabda ən oxumalı və ən maraqlanmalı şeylərdən biri də «Harunərrəşidin hovuzu» adlı qəribə bir hekayədir. Xanım tələsik soruşdu: – O hovuz necə hovuz idi? Onu burada düzəltmək olmazmı? – Xeyr, olmaz. – Nə üçün? – Çünki siz ona razı olmazsınız. Harunərrəşid iki yüzə qədər qızı haman hovuza doldurub özü də nazik pərdənin dalından onlara tamaşa eylərdi. – Bunu mən istəmirəm! Mixaylovski yenə kitabdan aldığı nəşələr haqqında danışmağa başladı: – Mənim o kitabda sevdiyim ən maraqlı şeylərdən birisi də qara qul ilə tacirin arvadı məsələsidir. Burada zəngin, lakin qoca tacirin arvadının qara qula aşiq olması hekayəsini hər bir ziyalı qadın sevə-sevə oxuya bilər. Olduqca aşiqanə və ləzzətli hekayədir. Orada bir Seyidə Şəmsə nağılı da vardır. Onu oxumağı sizə məsləhət görürəm. Doğrudan da qadın elə olmalıdır. O qadın kişiləri öz kölgəsində ağlada-ağlada dolandıran bir qadın idi. Nə cür olur-olsun, onu siz oxumalısınız. «Mavi gözlü Zərgə» hekayəsi qadının kişisini aldatması işində ən birinci köməkçi hekayələrdəndir. Xanım bu sözdə Mixaylovskinin əlini tutaraq: – Əziz müəllim, — dedi, — sabah həmin kitabı mənə gətirməsəniz, daha nə bilim!.. – Şübhəsiz gətirəcəyəm! Hələ qulaq veriniz: həmin kitabda Məmün xəlifənin öz sevgilisi Üreyb xanıma yazdığı sevgi məktublarını oxumaq və onun verdiyi cavablara diqqət vermək sizin kimi kübar qadınlar üçün qiymətli bir dərsdir. Mütəvəkkil xəlifənin sarayında yaşayan Sabihə xanımın sərgüzəşti kişilərin qadınlardan nə kimi ləzzətlər almağa haqlı olduğunu çox gözəl göstərir. Mənim o kitabım çox qiymətli kitabdır. Oradakı hekayələrdən birisi də, Əbülhəsən tacirin arvadı Qəzib xanımın öz ərindən yazdığı şikayətnaməsidir. Qadın bu şikayətnaməsini aparıb xəlifə Harunərrəşidə oxuyur, nəticədə sevmədiyi ərindən xilas olur. Xanım stolun üstündən «Min bir gecə» kitabını götürüb dedi: – Mən bu saat qəribə bir hekayə oxuyurdum. – Hansı hekayədir? – «Zəni-həmtami», yəni hamamçının arvadı. Biləsiniz bu hekayə mənim nə qədər xoşuma gəlir. İki kərə oxumuşam. – Mən o hekayəyə təsadüf etməmişəm, gərək maraqlı olsun. – Qoyunuz mən onu sizə nağıl eləyim! – Çox şad olaram. – Hekayə belə başlayır: hamamçının arvadı olduqca gözəl idi. Yaşadığı məhəllədə ondan gözəl qadın yox idi. Əri çox çox da tamahkar idi. Bu arvad bir şahzadəni sevmişdi, şahzadə də bir könüldən min könülə ona aşiq olmuşdu. Bu yazıqlar bir-birləri ilə nə cür görüşəcəklərini heç bacarmırdılar. Axırda şahzadə bir nəfər qarı tapıb sözünü ona dedi, qarı da işin təhrini ona göstərdi. Şahzadə ikinci dəfə hamama gələndə hamamçının yanında oturub onun qulağına pıçıldadı: – Mən sizə öz dərdimi deyəcəyəm. Siz də mənə atalıq edib onun çarəsini deməlisiniz. Hamamçı şahzadənin bu sözünü eşidib, çox sevindi və dedi: – Mən çox şad oluram ki, cənab şahzadə kimi böyük bir adamın mənə işi düşübdür. Mən ümid edirəm ki, allahın köməkliyi ilə şahzadənin dərdinə çarə tapa biləcəyəm. İndi cənab şahzadə, buyurun görüm, mənə görə nə fərmayişiniz vardır? Şahzadə sanki utanırdı, həyəcanlı bir halda ona dedi: – Mən kişilikdən məhrum doğulmuşam. Siz bilirsiniz ki, mən evlənməmişəm də. Həkimlər nə qədər dərman verir və çalışırlarsa, mənim dərdimə dava olmur. İndi istəyirəm ki, bir kərə özümü sınayım. Amma bir kəsə dərdimi deyə bilmirəm. Bəlkə də siz bir nəfər Allah bəndəsi tapasınız ki, mən özümü sınaqdan keçirim. Amma bilirəm ki, mən kişi deyiləm. Bu barədə mənə kömək etməyi bacarsanız — sizə əlli qızıl verərəm. Hamamçı əlli qızıl adını eşidəndə bir az fikrə getdi, öz-özünə dedi: «İndi ki, bunun kişiliyi yoxdur, nə üçün də əlli qızılı bir başqasına versin, yaxşısı budur ki, gedib evdə məsələni arvada anladım, əlli qızılı da özümüz alaq. İki il hamam saxlasaq, yenə də əlli qızılı bir yerə yığa bilmərik». Hamamçı gəlib arvadına bu sözləri dedi. Arvad bir çox saxta tərəddüddən sonra razı oldu. Hamamçı şahzadəni evinə apardı, arvadı ilə bir otağa saldı, özü də qapının dalında durub kiçik oğlunu qucağında saxladı. Hamamçı qapının açar yerindən baxırdı. Şahzadənin kişi çıxdığını görüb arvadını səslədi: – Arvad, tez ol, uşaq ağlayır! Arvad içəridən dedi ki: – Şahzadəni təbrik etmək lazımdır. Xudavəndialəm ona şəfa vermişdir. Həkimlərin davası ona kömək eləmişdir. Mixaylovski güldü: – Bilirəm bununla nə demək istəyirsiniz... Bu söhbət gedirkən Jenya balaca stolun üstünə konyak və badam çörəkləri düzürdü. Xanım Mixaylovskiyə dedi: – Siz o kitabı mənə gətiriniz. Nə mən Zübeydə xatundan əskiyəm, nə də Hacı Harunərrəşiddən kasıbdır. Mən hər cür olsa Bağdad sarayını düzəldəcəyəm. Siz bu barədə bir smeta düzəldiniz. Pul barəsində fikriniz olmasın!.. * * * Hacının böyük salonu fabrik, zavod və neft sənaye sahibləri ilə dolmuşdu. Onlar ümumi tətilin başlanması münasibəti ilə vahid cəbhə düzəltmək və güzəştə getməmək barəsində düşünürdülər. Yerli burjuaziya Bakı proletariatına heç bir güzəştə getməmək üçün yenə də hökumətin mərhəmətinə sığınmaq istəyirdi. Bunun üçün də Bakı qubernatoruna bir ərizə vermək lazım gəlirdi. Ərizə yazıldı və oxunmağa başladı. «Yerli fabrik, zavod və mədən sahiblərindən, Həşəmətli Bakı qubernatoruna ərizə. Həşəmətli cənab! Bu ərizə ilə nəzərinizi dekabr tətilləri məsələsinə cəlb edirik. Sizə məlumdur ki, yerli fabrik-zavod və mədən sahibləri əcnəbi sənaye sahibləri ilə müqayisə edilə bilməz. Onların bir çoxu böyük sərmayəyə malik olan şirkətlərdir ki, dünyanın bir çox yerində fabrik, zavod, mədən və müəssisələri vardır. Onlar üçün güzəştə getmək, yaxud bir ölkədəki müəssisəni tamamilə ləğv etmək o qədər də ağır deyildir. Məsələn, Bakıdakı əcnəbi müəssisələri müştərək müqavilə bağlamaq tərəfdarıdır və fəhlələrə güzəştə getmək istəyir. Bu yerli sənaye sahibləri üçün heç mümkün deyildir, çünki əcnəbi kapitalistlər öz müəssisələrini böyük bir zərərə qarşı belə davam etdirib, müştərək müqaviləyə əməl edə bilərlər. Biz isə tamamilə başqa bir vəziyyətdəyik. Ola bilər ki, Bakı sənaye sahibləri bir neçə ay müddətində öz işlərini tamamilə dayandırmağa məcbur olsunlar. O zaman onlar bütün müəssisələri satıb müştərək müqavilə bağlayan ikinci tərəfə vermək məcburiyyətində qalacaqlar. Cənab qubernatorun özü çox gözəl bilir ki, yerli müəssisələrin sahibləri hələ indiyə qədər may və iyul tətillərinin vurduğu zərərin altından çıxa bilməmişlər. Biz indiyə qədər yenə də mərkəzi hökumətin köməyini gözləməkdəyik. Lakin başlanmış dekabr tətilləri yerli müəssisə sahiblərinin bütün ümidlərini qırdı. Biz ümid edirik ki, yerli hökumət qoşun gücü ilə də olsa, dekabr təhlükəsini dayandıracaq və yerli sənayeyə nicat verəcəkdir. Yerli sənaye sahibləri, böyük zərər çəkdiyinə baxmayaraq, yenə də tətillərin dayandırılması işində hökumətlə əlbir işləyəcək və maddi yardımdan belə boyun qaçırmayacaqdır». Musa Nağıyev «maddi yardım» sözünü eşidib boynunu uzatdı: – O sözü bir də oxu! — dedi. — Mən onu başa düşmədim. Necə yəni maddi yardım? Maddi yardım məsələsini bir az aydın oxuyaraq dedilər: – Cənab Ağa Musa! Maddi yardım, yəni pul yardımı! Ağa Musa əlini uzadıb ərizəni aldı. – Ərizə-zad lazım deyil! Qoy Hacı, «maddi yardım» sözünü öz adından yazsın. Rəhmətliyin oğlu, mən az qalıram ki, torba götürüb qapı-qapı dilənməyə gedim, bunlar da başlayıb ki, «maddi yardım»... * * * Texniklər məktəbində gizli iş Jenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi. Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu. Gimnaziyaya hazırlanmaq işlərinə Jenya özü də əhəmiyyət vermirdi. Onun başlıca fikri məktəbdəki tələbələrlə tanış olmaq, onların təşkil edilməsinə kömək etmək idi. Texniklər məktəbində oxuyan uşaqların çoxu sənətkar uşaqları olduğu üçün, Jenya bunların arasında işləməyi o qədər də çətin bir iş hesab etmirdi. O, Mixaylovski vasitəsilə gimnaziyanın direktoru Kutilevski ilə də tanış ola bildi və gimnaziyanın içərisinə girməyə müvəffəq oldu. Jenya gimnaziyada birinci olaraq müəllimlərdən Vasilyev ilə tanış oldu. Min nəfərdən artıq tələbə oxuyan bu gimnaziyada hələ indiyə qədər sosial-demokrat dərnəyi olmadığını Vasilyevdən öyrəndi. Jenyanın gimnaziyada aparmaq istədiyi işin tərəfdarı çox idi; lakin heç kəs bu fikri bayıra çıxara bilmirdi. Gimnaziyanın daxili vəziyyəti buna imkan vermirdi. İstər texniklər məktəbinin direktoru Mixaylovski, istərsə də gimnaziyanın direktoru Kutilevski baş jandarm idarəsi ilə əlaqədə olduğundan, bu iki müəssisənin içərisində çıngır çıxarmaq belə mümkün deyildi. Buna baxmayaraq, daşnakların və qismən eserlərin təşkilatı bu məktəblərin içərisinə yol tapa bilmişdi. Sosial-demokrat dərnəkləri düzəltmək üçün bir neçə kərə təşəbbüs edilmişdisə də, baş tutmamışdı; bu zamanlar Bakı komitəsi bütün vaxtını fəhlə rayonlarına verdiyi üçün, tələbələr və gənclər arasındakı iş zəif gedirdi. Jenyanın gimnaziyada və texniklər məktəbində iş aparmasına baxmayaraq, nə Mixaylovski, nə də Kutilevski ondan şübhələnmirdi. Onlar yeri gəldikcə, deyirdilər: «Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir». Jenyanın aparmaq istədiyi işə mühüm bir əngəl vardı ki, o da hər iki müəssisənin direktorunun onu sevməsi və bir-birləri ilə rəqabət aparması idi. Bunlar Jenyanı bir-birinə qısqanırdı. Bunun üçün də onu gözdən uzağa buraxmaq istəmirdilər. Hətta Mixaylovski son vaxtlarda Jenyanı gimnaziyaya getməyə, Kutilevski ilə görüşməyə qoymurdu. Kutilevski də qızın texniklər məktəbinin direktorunun iş otağında deyil, birbaş gimnaziyaya gedib orada hazırlanmasını təklif edirdi. Lakin Jenya bu müəssisələrin heç birisindən ayrılmaq istəmirdi; buna görə də hər iki direktoru əldə saxlamağı, onları qısqanclıqdan uzaqlaşdırmağı qərara almışdı. Direktorlar, yeri gəldikdə, bir-birinin pis hərəkətlərindən Jenyaya söhbət açır və öz rəqibini gözdən salmağa çalışırdı. Günlərin birində Jenya dərsə başlamadan Mixaylovski Kutilevski haqqında söhbət açdı: – Özü kimi murdar adam olmaz! Jenya soruşdu: – Kimi deyirsiniz? – Kutilevskini. – Onun murdarlığı harasındadır? – Əqidəsində. – Əqidəsində? – Bəli, əqidəsində. Mən çox yaxşı bilirəm ki, onun vicdanı ləkəlidir. – Bu çox məsuliyyətli sözdür. – Mən bu məsuliyyəti öhdəmə götürüb deyirəm ki, onun sosial-demokratlarla əlaqəsi vardır. – Nə qədər dəhşətli bir xəbər! Buna da imkan verilə bilərmi? – Hələ bununla da özünü cənab Hacıya və onun dostu cənab qubernatora tərəfdar göstərir. Siz onu tanımırsınız, çox murdar bir şəxsiyyətdir. – Doğrudan da murdar bir şəxsiyyət imiş. – Bunun üçün də istər sizin, istərsə də başqalarının ona qoşulması — özünü ləkələmək deməkdir. Hacı və onun xanımı bunu hiss etmiş olursa, həm sizin, həm də mənim üçün yaxşı olmaz. Onun namussuz olması barəsində hələlik bunu demək bəsdir. Jenya Mixaylovskinin sözlərini təsdiq edirdisə də, ürəyində onun nə demək istədiyini bilirdi; kimnaziya müəllimlərindən Vasilyev direktorun məşhur çar xəfiyyəsi olduğunu Jenyaya söyləmişdi. Jenya: – Mən sizdən yerdən göyə qədər razıyam. — dedi. — Yaxşı ki, siz o məlunu mənə tanıtdınız. Mən özüm də onun bəzi hərəkətlərindən razı qalmırdım. Sizin bütün buyurduqlarınız mənim üçün bir qanun olaraq qalacaqdır. Mən sizin nə qədər təmiz və vicdanlı bir zat olduğunuzu xanım və Hacı ilə olan dostluğunuzla ölçürəm, çünki nəcib, mədəni, ziyalı və eyni zamanda imperator tərəfdarı olmayan bir zatın Hacı kimi möhtərəm bir sima ilə tanış olması mümkün deyildir. Məni düşündürən başqa bir məsələ vardır ki, o da Kutilevski kimi murdar bir adamın Hacı ilə dost olmasıdır. Gəliniz biz həm Hacının namusunu, həm də hökumətin xeyrini müdafiə üçün işə başlayaq; Kutilevskini gözdən qoymayaq, onu lazımınca öyrənək. Doğrudan da sosial-demokratlarla əlaqəsi varsa, mən onu ifşa edib, cəzasını verdirərəm. Siz buna əmin olmalısınız! Bunu sizə deməkdən məqsədim var, siz məni Kutilevskiyə qısqanırsınız, bu tamamilə yersizdir. Siz əmin olun; qəlbim azaddır, onu ən nəcib, ən vicdanlı bir adama verəcəyəm. Mixaylovski yaşının çoxluğuna baxmayaraq, bir qız tərəfindən sevilən gənclər kimi nazlanaraq dedi: – Mən sizin, qəlbinizi verməyə hazırlandığınız o xoşbəxt zata həsəd aparıram. Siz o xoşbəxt zatı mənə nişan verməyəcəksinizmi? Rica edirəm söyləyin! Jenya: – Yox, — dedi, — bunu sizə söyləmək mümkün deyildir. Rica edirəm, bu cür sualları bir də mənə verməyəsiniz, xanım bu cür söhbətlər üçün mənə icazə verməmişdir. – Başqaları ilə icazə verməmişdirsə, mənimlə söhbət eləməyinizə icazə verər. Çünki mən xanımın bu günkü xoşbəxtliyinə səbəb olmuşam. Onun milyonlara sahib olmasında birinci rolu mən oynamışam. Mən sizin üçün də bu cür bir xoşbəxtlik hazırlamağa çalışıram. Bilmirəm, siz bundan razı qalacaqsınızmı? Jenya gülərək dedi: – İnsan dünyada xoşbəxtlik üçün yaşamırmı? Lakin bu hər kəsə qismət ola biləcək ucuz bir şey deyildir. – Siz onu bilməlisiniz ki, xoşbəxtlik sizə sizin öz kölgəniz qədər yaxındır. Lakin siz də, bir çox qızlar kimi, o xoşbəxtlikdən uzaqlaşmağa və səadətə nazlanmağa çalışmayın, səadət olduqca küsüçü və şıltaq bir şeydir. O, insandan çox tez uzaqlaşar, bir də geri qayıtmaz; o, nə insanın peşman olması, nə də yalvarması ilə hesablaşar. – Bu sözlərin heç birisinə etirazım yoxdur. Bəlkə də buyurduqlarınızın hamısı yerində söylənmişdir. Lakin mən sizin bu nəzəriyyənizə cavab verə bilməyəcəyəm və bu söhbətlərdə axıra qədər iştirak edə bilməyəcəyəm. Bunun da başlıca olaraq iki səbəbi vardır. – O səbəbləri mənə söyləyə bilməzsiniz? – O səbəblərdən birisi, mənim həyat fəlsəfəsi ilə sizin qədər tanış olmadığımdır. İkincisi, bu daha mühümdür, — xanımın mənə belə söhbətlər etmək üçün icazə verməməsidir. Xanım mənə ancaq burada imtahanlara hazırlanmaq icazəsini vermişdir. – Xanım buna icazə verərsə, o vaxt mənim bəzi suallarıma cavab verərmisiniz? – Verərəm! Xanımın hər sözü mənim üçün qanundur. – Siz xanımı sevirsiniz? – Həm sevirəm, həm də hörmət bəsləyirəm. – Mən sizi xanımın hörmətinə and verərsəm, bir sualıma cavab verərmisiniz? Jenya çar casusunun ürəyini bilirdi. Bir az düşündükdən sonra dedi: – Sualınızın cavabı mümkünsə, etirazım yoxdur. Mixaylovski bir şokolad sındırıb yarısını Jenyaya verdi, yarısını da özü ağzına qoydu, fikirli ayağa qalxdı, otaqda o baş-bu başa getdi. Jenyaya dedi: – Xanımın canına and verirəm, deyin görüm indiyə qədər siz birisini sevmisinizmi? Jenya utandı, lakin çar xəfiyyəsinin cavabını verdi: – Siz olduqca alim və mədəni bir zatsınız. Bununla bərabər indiyə qədər siz belə bir sualın qızlara verilə bilməməsinə diqqət verməmisiniz. Ürək hər kəsin qabağında açıla biləcək bir papiros qutusumudur? – Bunların hamısını bilirəm, lakin insanların çoxu öz bildiyini rəhbər tutaraq, yaşamağı bacarmaz, mən də... Mixaylovski sözünü tamamlaya bilmədi. Oturub düşündü, sonra tez qalxıb otağı gəzindi və Jenyaya tərəf dönərək dedi: – Siz mənə doğrusunu söyləyəcəksinizmi? Jenya onu sualla qarşıladı: – Bəs siz nə üçün sözünüzü yarımçıq qoydunuz? – Deyə bilmədim. Utandım. – Nə üçün utanmaq! Siz yaşlı və mədəni bir zat, mənsə gənc bir talibə. Sizin öz talibənizlə danışmaqdan utanmağınızın nə mənası vardır? – Doğrudur, mən sizin kimi sevdiyinizi bilsəydim, sözümü heç də yarımçıq qoymazdım. – Zənnimcə mənim sevgim sizə heç də mane olmayacaqdır. – Yox, belə deyildir. Sizin başqasını sevməyinizin özü də maneələrin başlıcasıdır; mənim də qorxum ondandır. Ürəyə yol tapmaq sənətini öyrənmək mümkün olsaydı, mən tezlikcə onu öyrənər və sizin ürəyinizə yol tapardım. Jenya gülümsəyərək dedi: – Ürəyə yol tapmağın bir sənət olduğunu indəyə qədər bilmirsinizmi? – Yox. – Mən o sənəti sizə öyrətsəm, siz mənim dediklərimə əməl edərsinizmi? – Söz verirəm. Mən sizin sərəncamınızdayam. – İndi mənə qulaq asınız. Ürəyi gözdən oxumaq lazımdır. – Çox gözəl, bunu bildim. Siz buna qarşı məndən nə tələb edirsiniz? – Tələb edəcək cürətim yoxdur. Rica edəcəyəm. – Yerinə yetirməyə hazıram. – Siz, xanımın Hacıya necə ərə getdiyini, bu xoşbəxtliyə sizin necə səbəb olduğunuzu mənə təfsilatı ilə söyləyiniz. – Kiçik bir şərtin yerinə yetirilməsi ilə mən Hacının xanımla evlənməsinin heyrətli romanını sizə söyləyəcəyəm. – O şərt nədən ibarətdir? – Siz öz ürəyinizi mənə verəcəksiniz. – Xanımın icazəsindən sonra. – Zənnimcə, xanım buna icazə verər. Mən də özümü dünyanın ən xoşbəxt bir insanı hesab edərəm. – Bu sizi xoşbəxt edəcəksə, mən də xoşbəxtliyə mane olmaram. Sizə bu barədə səmimi söz verirəm, lakin mənim bir şərtim də vardır: siz o şərtlərin hamısına əməl etmək üçün mənə səmimi söz verməsəniz, mən də öz sözlərimin həyata keçirilməsi üçün səmimi söz verməyəcəyəm. – Deyin görüm, şərtiniz nədir? – Sevginin tələb etdiyi bütün hərəkətlər, ancaq xanımın icazəsi ilə və mənim hazırlanıb kimnaziyaya girdiyim gündən başlanmalıdır. O zamana qədər bu günkü vəziyyəti davam etdirməliyik. İndi məni təəccübləndirən bir cəhət vardır ki, onu sizdən soruşmaq istərdim. – Soruşun, hər bir şərtə razıyam! – Siz məni doğrudan da sevirsiniz, yoxsa bir ev xidmətçisi kimi mənimlə əylənmək istəyirsiniz? – Sevirəm! Ürəkdən sevirəm! Dəlicəsinə sevirəm! – Bu heç də inanılacaq bir şey deyildir. Mənim burada imtahanlara hazırlandığımın tarixi olduqca qısadır. Bu az müddətdə bir qızı bu dərəcədə səmimi sevmək mümkündürmü? – Az müddət deyil! Bu sevginin tarixi uzundur... bu sevgi siz xanımın yanına qulluqçu girən gündən başlanmışdır. Təəssüflər olsun ki, mən sizin qədər gənc deyiləm. – Bunda təəssüf ediləcək heç bir şey yoxdur. Zənnimcə yaşlı kişilərin ailəyə qarşı səmimiyyəti daha yüksəkdir. – Siz bunu təqdir edirsinizmi? Jenya utanmış kimi üzünü pəncərəyə çevirdi: – Bəli, təqdir edirəm, — dedi. Mixaylovski: – Sizin fikriniz xanımınızınkından dəfələrlə yüksəkdir. Xanımınız əvvəlcə belə bir fikirdə deyildi. O, Hacının sevgisini bir necə illərin əziyyətindən sonra qəbul edə bildi. Bu işdə hamıdan artıq mən əziyyət çəkdim və gözəl nəticələr də əldə elədim. Mən Hacının işini düzəltdim, Hacı da bunun əvəzində mənə atalıq elədi, məni xoşbəxtliyə çatdırdı. Hazırda mən qubernatorun sağ əli hesab olunuram. Hacı cənabının yanında da bir sözüm iki deyil. Mən indi Bakının mənsəb sahibləri içərisində, cənab qubernatordan sonra birinci adamlardan biri sayılıram. Mən çox arzu edərdim ki, əldə etdiyim bu səadətdən sizin də payınıza bir hissə düşəydi. Siz gələcək həyatın nemətlərini mənim vasitəmlə mənimsəmiş olsaydınız. Mən doğrusunu deyirəm. Sizi gördüyüm gündən bəri öz səadətimi sizinlə tamamlamaq qərarına gəlmişəm. Həmişə də bunun üzərində fikirləşirəm. Lakin bu fikirlər olduqca yorucudur. Bu ağırlığı ancaq sizin bir kəlmə sözünüz mənim üzərimdən götürə biləcəkdir. Mənim ölümdən əvvəl cənnət həyatı keçirməyimin başlıca vasitəsi siz ola bilərsiniz. Sonra, sizdən bir ricam da vardır, o da bundan ibarətdir: məni çox da yalvarmağa məcbur etməyiniz. Mixaylovski bunu söylədikdə Jenya gülərək: – Bunların heç birisi olmayacaq, — dedi, — lakin siz də mənim dediklərimə əməl etməlisiniz. Siz məni dərsi bitirənə qədər rahat buraxmış olsanız, mən sözümü geri götürməyəcəyəm. Sevgi tələblərini ifa etməklə dərslərin tələblərinə cavab vermək mümkün deyildir. Ümumiyyətlə təhsildə qızların sevgi işi ilə məşğul olması zərərlidir. Təhsilimi müvəffəqiyyətlə bitirməyim özü də sizin üçün bir şərəfdir; mən səviyyə cəhətincə sizə layiq bir qadın kimi hazırlanmalıyam. Mixaylovski bu sözlərin hamısına inandı, onun ürəyində heç bir şübhə qalmadı. – Sizə və sizin qədər əziz olan namusuma and içirəm ki, sizin iradəniz xaricində heç bir hərəkət etməyəcəyəm! İndi isə siz məni «sən» deyə çağırmalısınız, mən o sözdən də mənəvi ləzzət alacağam. – Yox! O vaxta hələ çox qalmışdır. Sizi «sən» deyə səsləmək ancaq həyatın şəkli dəyişdikdən sonra mümkündür. İndi siz Hacının xanımı nə yolla aldığını danışınız... – Hacının arvadı çoxdandı vəfat eləmişdi. O, hər kəsi də ala bilməzdi, özünə layiq bir qız axtarırdı. Xanım o zamanlar qız idi. Onun böyük bacısı Hacının oğlunda idi. Xanım öz bacısının yanına tez-tez gəlir, bəzən aylarla qalıb dərsə hazırlanırdı. Hacı qızı çox sevirdi, çünki xanım qızlığında təsvirə gəlməz bir gözəl idi. Bu sevgiyə iki maneə var idi: əvvələn Hacının gəlini, ikincisi də, xanım dağıstanlı bir gəncə nişanlanmışdı. Qızın atası və anası da buna razı deyildi. Lakin bu son maneəni Hacı özü həll elədi, çox da asanlıqla həll edə bildi. Xanımın atası Ərəblinski banklara borclu idi, veksellərin vaxtı keçirdi, banka girov qoyulmuş əmlakının hamısı əldən gedirdi. Hacı Ərəblinskinin banklara olan bütün borcunu verdi və mülkləri öz əlinə keçirdi. İş bununla bitmədi. Bu borclardan əlavə, Hacı qızın atasına onun qaytara biləcəyindən daha böyük miqdarda yeni borc verdi. O, yumşaldı, çünki bütün ailənin səadəti qızın Hacıya ərə getməsindən asılı idi. Hər şey öz yerində idi. Hacı nə oğlunun etirazına baxır, nə də gəlininin küsməsilə hesablaşırdı. Hacının fikri məsələni qıza nə cür qandırmaq və nə cür razı salmaq üzərində gedirdi. Bu sözü qıza açıq demək üçün heç kəsdə cürət yox idi. Jenya tələsik soruşdu: – Bəs sonra necə oldu? – Siz mənə söz veriniz ki, bunların heç birisini xanıma söyləməyəcəksiniz. – Buna vicdanımla söz verirəm. Bir də siz bunu bilməmiş olmazsınız, xanımla söhbət etməyə heç kəsin ixtiyarı yoxdur. Ev qulluqçuları ancaq onun suallarına cavab verdiyi zaman danışa bilər. Siz söhbətinizi davam etdiriniz. O barədə arxayın ola bilərsiniz. Mixaylovski sözünə davam etdi: – Sizin xanımınız, dərs barəsində olduqca tənbəl və qabiliyyətsiz idi. İmtahanların heç birisini lazımi qədər verə bilmirdi. Aldığı qiymətlərin hamısı pul və gözəllik müqabilində olurdu. Bacısı, ata-anası onun yaxşı hazırlanması uğrunda əllərindən gələn qədər əmək sərf edirdilər. Mən də, Kutilevski də xanımın hazırlanması uğrunda olmayan zəhmətlər çəkirdik. Buna baxmayaraq, xanım yenə də səhlənkarlıq, tənbəllik və soyuqqanlılıq göstərirdi. Xanımın başlıca məşğuliyyəti nişanlısından gələn məktublara cavab yazmaq idi. O, bəzən nişanlısına gündə üç, bəlkə dörd məktub yazardı, gündə də başqa-başqa hallarda çəkilmiş bir necə şəklini paketə qoyub nişanlısına göndərərdi. Mən də, Kutilevski, xanımın xatirinə toxunmamaq üçün, onun oxuması barəsində bacısına yalan məlumat verməkdən yorulmuşduq. Buna görə də xanım bizim xatirimizi həddindən artıq istəyirdi. Xanım xüsusən mənə çox yaxın idi. Bəzən başqalarına deyə bilmədiyi dərdini mənə söyləyirdi. Mən onun atasının vəziyyətini çox yaxşı bilirdim. O, varidatı dağılmış bir mülkədar idi. Buna baxmayaraq xanımın redikülündə bəzən min, bəlkə bir az da artıq pul olurdu. Pul xərc etməkdə qənaət nədi — bilməzdi. Hər dəyərsiz şeyi dəyərli qiymətə alardı. Mən onda bu qədər pulu görürkən həmişə şübhələnirdim; yəqin edirdim ki, Hacı xanımın cib xərcliyi üçün həddindən artıq pul buraxır. Nəhayət, bir gün Hacı məni axşam çayına çağırdı. Mən axşam saat yeddidə Hacı Zeynalabdın Tağıyevin evinə getdim. İçəri girməyimə heç kəs mane olmadı — əlimdə çağırış kağızı var idi. Yuxarı qalxıb böyük salonun qabağında durdum, qulluqçular vasitəsilə Hacıya sifariş göndərdim. O, məni iş otağına çağırtdırdı. İçəri girəndə orada «Kaspi» mətbəəsi müdirini və Bakıda məşhur gəmi sahiblərindən Rəsulovu gördüm. Hacı məni görən kimi: – Xoş gəlib, səfa gətirmisiniz! — dedi. — Cənab müəllim, əyləşin. Sizinlə çox uzun, çox da mühüm bir söhbətim vardır. Bununla Hacı yanında olanların getməsi üçün siqnal verdi. Otaqdakılar vidalaşıb getdilər. Bir Hacı, bir də mən qaldıq. İçəri girməyə heç kəsə icazə verilməmişdi. Yalnız zəngi vuranda çay verən qız içəri girirdi. Hacı sözünü bu cür başladı: – Mən kiçik xanım haqqında bəzi məlumat əldə etmək üçün sizi öz yanıma çağırmışam. – Buyurun, — dedim, — hər nə məlumat lazımsa verə bilərəm. – Kiçik xanımın oxuması necə gedir? – Həqiqəti söyləmiş olursam, onun dərsə heç bir marağı yoxdur. – Nə üçün? Bunun səbəbini bilmirsinizmi? – Əvvələn, o çox gəncdir. Həm də çox varlıdır. Bunun üçün də təhsil almağa həvəsi yoxdur. Müəyyən ixtisas əldə etmək üçün ali təhsil ilə maraqlananların çoxusu gələcəkdə özünü təmin eləmək istəyənlərdir. Kiçik xanımın isə gələcəyi təmin edilmişdir. Mən uzun illərdən bəri aldığım təcrübə nəticəsində deyə bilərəm ki, varlı ailələrdən ali təhsilə göndərilən uşaqların hamısı bu xasiyyətdədir. Xanımın dərslə maraqlanmamasının başlıca səbəblərindən birisi də onun təhsili bitirmədən nişanlanmasıdır. Dərs oxuyan qızların həyatında pis təsir bağışlayan cəhətlərdən birisi də budur! – Hazırda kiçik xanım nə işlə məşğuldur? – Onun işi hər gün nişanlısından bir necə məktub almaq və bir necə də cavab yazmaq, nişanlısının hər gün poçt vasitəsilə aldığı bir necə əksi əvəzində özünün müxtəlif əkslərini göndərməkdən ibarətdir. – Nişanlısını çox sevirmi? – Zənnimcə həddindən artıq sevir. Hacı azacıq fikrə getdi və: – Bunların hamısını bilirəm, — dedi. — Ancaq ürəyimdəkiləri sizə söyləməkdən bir fayda olub-olmayacağını bilmirəm. – Mənim əlimdən hər nə gəlirsə, əsirgəməyəcəyəm, — dedim. — Zənnimcə Hacı cənablarının özü də mənim nə qədər səmimi adam olduğumu bilməmiş deyildir. Hacının fikrinin həyata keçirilməsi üçün hər bir əmrə hazıram. Hacı əsas fikrini demək üçün çox düşündü. Aydın görünürdü ki, bu fikri deməkdə çətinlik çəkir. Sözünü çox qısa dedi: – Siz o qızı dəyişməlisiniz. Bu, müəllimlər üçün çox da çətin deyildir. Onlar təzə insan yaratmağı bacarırlar. Mən Hacının bu sözlərdən nə kimi məqsəd daşıdığını bilmirdim. Yaşlı bir kişinin gənc bir qızla evlənmək istəməsini heç də xəyalıma gətirmirdim. Buna görə də Hacıdan soruşdum: – Cənab Hacı, məqsədinizi bir az aydınlaşdırın, mən kiçik xanımı nə mənada dəyişdirməliyəm? – Siz onu boş vaxtlarında danışdırmalı, bir adama ərə getməyə razı olub-olmadığını bilməlisiniz. Bu sizin üçün mümkündürmü? – Bu fikri soruşmaq üçün bir maneə yoxdur. – Bu doğrudur. Lakin soruşulan fikrin cavabında müsbət nəticə əldə etmək üçün çalışmalısınız. Bunun üçün də lazımi hazırlıq görməlisiniz. – Hərgah bu xidməti Hacı cənablarının özü üçün görməliyəmsə, o vaxt bütün varlığımla çalışmağa söz verirəm! – Bu xidməti, bəli, mənim üçün görəcəksiniz, şəxsən mənim üçün! İndi məsələ aydınlaşdımı? – Bəli, aydınlaşdı. Mən sizə söz verirəm. Bu iş üzərində işləyəcəyəm. Hacı əlini uzadıb stolun qutusundan bax bu saatı çıxarıb yanıma qoydu: – Bu kiçik bir hədiyyədir, — dedi, — böyük hədiyyəmi məsələ həll olunduqdan sonra alacaqsınız! Söhbət bununla qurtardı. Çay içərkən başqa söhbətlərlə məşğul olduq. Saat onun yarısında vidalaşıb getdim. Günün birində, xanım yenə də üç məktub gətirmişdi. O, həmin məktubların cavabını mənim yanımda yazırdı. Evdə yazmağdan utanırdı, bəzən bacısı da mane olurdu. Xanım bu məktubları oxuyub cavab yazmaq istəyəndə Hacının tapşırıqları yadıma düşdü. Mən xanımın nişanlandığı gənclə xoşbəxt bir ailə qura bilməyəcəyini bilirdim. Qız ikən milyonlar içində bəslənməsi onda pis vərdişlər əmələ gətirmişdi, onu kübarlar kimi yaşamaq fikri ilə xəstələndirmişdi. O, israfı, şıltaqlığı, istədiyini dərhal həyata keçirməyi sevirdi. Buna görə də az sərvətli dağıstanlı bir gəncin onu razı sala bilməyəcəyi şübhəsiz idi. Onlar ailə həyatının birinci dövründə ayrılacaq və bədbəxt olacaq idilər. Buna görə də mən həm xanımı, həm də onun nişanlandığı gənci gələcəyin fəlakətindən qurtarmaq üçün qızı Hacının milyonları ilə əlaqədar etmək istəyirdim. Xanım nişanlısından aldığı məktubların birisinə cavab yazıb paketə qoymaq istərkən, mən Hacının tapşırığını yerinə yetirmək üçün yol axtarırdım. Xanıma belə bir sual verdim: – Siz bu qədər məktub yazmaq üçün söz tapa bilirsinizmi? Xanım qonur gözləri ilə təəccüblə üzümə baxdı: – Mənim gündəlik həyatımın tarixi bir necə məktubda deyil, böyük bir kitab tutacaq qədər böyükdür. Mən aldığım məktubları və məktublara verdiyim cavabları bir kitab şəklində çap etdirəcəyəm. Bunlar böyük bir roman, olduqca maraqlı bir əsər kimidir. O romanı oxuyanlar mənim gənc həyatımın nə cür keçdiyinə ağlayacaqlar; həyatım olduqca qəmlidir. Cənab müəllim, mənim həyatım qızğın bir od alovları kimidir. Onun görünüşü nəşəli və səfalıdır, lakin içi yandırıcıdır. – Nə üçün? – Orada yemək var, içmək var, pul sərf etmək var, lakin xoşbəxt həyat adına heç bir şey yoxdur, — deyib başını aşağı saldı və ayaqlarına baxmağa başladı. Mən təəccüblə: – Bu sözlərə inana bilmərəm, — dedim. Mən onun ağladığını gördüm. Göz yaşları damcı-damcı qabağındakı məktubun üstünə düşürdü. Loriganlı yaylığını redikülündən çıxarıb gözlərini sildi. Mən isə ona təsəlli verməyə çalışırdım, həm də bu kədərin səbəbi ilə maraqlanırdım, onun milyonçu evindəki həyatdan narazı qaldığına səbəb nə ola bilərdi? Xanım əvvəlcə ağlamasının səbəbini məndən gizlətməyə çalışdı, nəhayət, mənə qarşı bəslədiyi yüksək hörmət məsələnin aydınlaşmasına səbəb oldu. Xanım heç kəsə aça bilmədiyi qəlbini mənə açdı. Bir necə dəqiqə içini çəkəndən sonra sözünü demək istədisə də, boğazı tutuldu; özünü ələ almaq üçün dərindən nəfəs aldı, dilini çıxarıb dodaqlarını islatdı, nəhayət, böyük bir həyəcanla sözə başladı: – Bacım ilə olan əlaqəm tamamilə gərkinləşmişdir. Orada yaşamaq heç mümkün deyildir. – Nə üçün? Buna heç inanmaq olurmu? Bacınız ki, sizin təhsiliniz üçün hamıdan artıq əlləşir. – Onda, alçaq və mənasız bir düşüncənin təsiri ilə mənə qarşı qəti bir dönüş əmələ gəlmişdir. O, məni görmək istəmir, səhər çayında, naharda, axşam yeməyində mənə qarşı çəkilməz bir etinasızlıq göstərir. – Bunun bir səbəbi yoxdurmu? Madam ki, onun düşüncələri yersiz və mənasızdır, iki bacı kimi oturub danışa bilmirsinizmi? – Yox! Qısqanclıq elə bir şeydir ki, onu məhv etmək üçün ürəyi kəsib atmaq lazımdır. O qısqanır. Bu pis əlaqənin də səbəbi budur. Mən bu qısqanclığın səbəbini bilirdim; buna baxmayaraq, özümü bilməməzliyə vurub soruşdum: – O sizi öz ərinəmi qısqanır? – Yox! Ərinə qısqansa bunun yenə də bir mənası olardı. O, məni Hacıya qısqanır; çünki Hacı mənim ehtiyacımın ödənilməsinin qeydinə hamıdan artıq qalır; şübhəsiz ki, bu da atam ilə olan dostluğu və özünün alicənablığı sayəsindədir. Bunun üçün də bacım məni görmək istəmir. Məni Hacı ilə danışan görəndə məni pis-pis sözlərlə söyür, ya da danlayır. Bu gün yenə söyüşdük, işimiz ən çıxılmaz bir nöqtəyə çatmışdır. Buna görə də tamamilə buradan yığışıb Dağıstana getmək qərarına gəlmişəm. Mən bilirəm ki, bacım ilə heç bir vaxt düzəlişə bilməyəcəyəm. Mən Hacının fikirlərini həyata keçirmək üçün bundan da əlverişli bir yol tapa bilməzdim. – Mən sizdən bir söz soruşacağam, onun doğrusunu söyləyə bilərsinizmi? Hərgah bunun doğrusunu söyləməsəniz, sizə verdiyim məsləhətlər faydasız qalacaqdır. – Anamın canına and içirəm, doğrusunu söyləyəcəyəm. Mənim sizə həm hörmətim, həm də böyük bir etimadım vardır. – Çox gözəl, — dedim. — Mən sizin bu hörmət və etimadınızdan razıyam. İndisə deyin görüm, Hacının sizinlə olan əlaqəsi necə başlanmışdır? – Mən hələ Dərbənddən Bakıya gəldiyimin birinci həftəsində Hacı mənə: «Sən mənim qızım olacaqsan, səni bir də Dərbəndə buraxmayacağam, atana verməyəcəyəm, burada qalacaqsan», deyirdi. – Əlaqəniz bundan ibarətmidir? – Yox! O bir gün məktub oxumaq üçün məni öz kabinetinə çağırmışdı. O həmişə məktub oxumaq üçün bacımı çağırardı, o gün bacım evdə olmadığı üçün məni çağırmışdı. Mən içəri girib, salam verdim, stolun o biri tərəfində oturdum. Hacı öz yanındakı boş stulu göstərərək: «Gəl burda otur!» — dedi. Mən də durub orada oturdum. Məktubu oxuyarkən saçım bir az üzümə tökülmüşdü. Hacı əlini uzadıb tökülmüş saçlarımı üzümdən ayırdı, saçlarımdan öpdü. Bu birinci kərə idi. İkinci kərə çağırdı. Məni onda dizi üstündə oturtdu, bir ata kimi dodaqlarımdan, üzümdən öpdü. Bu hal davam edirdi. Bir gün bacımın yanında da o mənim saçlarımı sığalladı. Bacım bundan acıqlandı və buna imkan verməməyimi mənə tapşırdı. – Bacınız bu tapşırıqda haqlımı və ya haqsızmı idi? – Şübhəsiz ki, haqsızdı. Hacı yaş cəhətincə mənim atamdan da yeddi yaş böyükdür. Belə bir yaşda kişinin məni öpməsinə və saçlarımı sığallamasına başqa məna vermək haqsızlıq deyildirmi? – Əlbəttə ki, haqsızlıqdır, — dedim, — ancaq siz mənə deyin görüm, Hacı sizi tez-tez öpürdümü? – Bəli, hər gün bir necə kərə qucağına alır, dərslərimdən xəbər tutur, könlümün nə istədiyini soruşurdu. – O sizi bacınızın yanında da öpürdümü? – Yox, təklikdə öpürdü. – Hacı sizə pulu nə vasitə ilə verir? – Hacının bütün ailəsinin cib xərcliyi üçün müəyyən maaş vardır. O cümlədən mən də Hacıdan ayda iki kərə maaş alıram. – O sizə pulu özümü verir? – Yox, öz bankından almaq üçün çek verir. – Siz nə qədər alırsınız? – Əvvəlcə ayda əlli manat alırdım, sonralar get-gedə artdı. – Artmasının səbəbi nə oldu?! – Əlli manat görmədi, hər dəfə pul çeki yazdıqda «çatışırmı?» deyə soruşurdu; mən də «yox, çatmır» dedikdə, Hacı maaşın qədərini artırırdı. Son zamanlar mənim cib xərcliyim ayda iki yüz manata qədər qaldırılmışdı. Sonralar bu vəziyyət dəyişdi. Hacı məni hər zaman qucağına alıb məhəbbət göstərirkən, yazılı çekləri qabağıma qoyub deyirdi: – Götür, hansı birisini sevirsənsə, götür! – Siz də götürürdünüzmü? – Bəli, götürürdüm. – Çoxmu? – Yox! Beşyüzlük çeklərdən dörd kərə götürmüşəm. Bir kərə də minlik çek almışam. Qalanları yüz, iki yüz və üç yüzdən artıq olmamışdır. – Çox gözəl. Siz Hacının bu ehsanları haqqında nə kimi qərara gəlmisiniz? – Nə kimi qərara gələ bilərəm? Onun hədd-hesaba gəlməyən iltifatına mükafat olmaq üçün təşəkkürdən başqa nəyim vardır? Onun ehsanları və məhəbbəti həmişə mənim xatirimdə qalacaqdır. Onun ehsanları yalnız mənim haqqımda deyil, o bizim ailəmiz üçün də belədir. Hədsiz ehsanları vardır. – Bəlkə də o sizi sevir? Bu barədə bir şey hiss edirsinizmi? – Sevməyinə sevir, bir ata kimi sevir; bundan başqa bir şey ola bilməz. – Bunu siz yəqinliklə söyləyə bilərsinizmi? – Əlbəttə, söyləyə bilərəm. Çünki mən on səkkiz yaşında, o isə, altmış iki yaşındadır. O məni «qızım» deyə çağırır. – Siz doğrudan da onun qızısınızmı? – Yox! – Elə isə onun sizi «qızım» deyə çağırmasının heç bir mənası yoxdur. Yaşlı kişilər gənc qızlara birinci kərə yanaşmaq istədikdə, «qızım» deyə yanaşırlar. Jenya bərkdən gülüb dedi: – Siz nə üçün mənə əvvəlcə «qızım» demədiniz? Mixaylovski: – Sevginin bu üsulu şərqlilərə məxsusdur. Jenya Mixaylovskidən rica edərək: – Sözünüzü davam etdiriniz, — dedi. — Mən bu söhbətlərdən bir romanı dinləyən qədər ləzzət alıram. Mixaylovski yenə şokolad götürüb parçaladı, yarısını Jenyaya verdi, yarısını da öz ağzına qoydu, danışmağa başladı: – Mənim sözlərim xanıma çox təsir etdi, xeyli düşündü. Sonra rəngi qızarmış bir halda başını qaldırıb dedi: – Ürək örtülüdür, onu oxumaq olmaz. Doğrudan da Hacının mənə olan məhəbbəti ata məhəbbətinin mənasını vermir. Mənə elə gəlir ki, o məhəbbətin başqa mənası vardır. – Siz özünüz də bunu hiss edirsinizmi? – Edirəm. – O məhəbbətin başqa mənada olduğunu nə cür təyin edə bilərsiniz? – Əvvələn, o məni qucaqladıqda bir ata kimi deyil, bir qadını qucaqladığı kimi qucaqlayır və qolları arasında sıxır. – Daha? – O məni öpərkən, bütün bədəni titrəyir, dodaqları mənim üzümə dəydikdə ürəyinin döyüntülərini eşidirəm. Rəngi ağarır, tez-tez narzan içir, yenə də boynuma sarılır, mən onun əlindən qurtulub qaçıram, çünki dodaqlarıma çox əziyyət verir. Mən nəinki öz atamın, başqa ataların da öz qızlarına qarşı bu qədər sevgi bəslədiyini görməmişəm. – Mən elə zənn edirəm ki, Hacı sizi qızı kimi deyil, bir qadın kimi sevir. Hərgah belə olsa sizin fikriniz nədir? – Çıxıb gedərəm! Mən başqasına nişanlıyam. Nişanlım gəncdir, həm də məni çox sevir, onun sevgisini heç bir dövlətlə əvəz etmərəm! – O sizi Hacıdan çoxmu sevir? – Əlbəttə, çox sevir! Lakin Hacı çıxaran oyunlardan heç birisini çıxarmır. Bəlkə o bunu bacarmaz da. Yazdığı məktublar sevgisinin təmiz olduğunu göstərir. Onun məktublarında gözəl bir gələcəyin müjdələrini oxuyuram. Mən onun bir tükünü Hacının milyonlarına dəyişmərəm. Onu məndən yalnız bir əcəl ala bilər. Mən Hacını sevə bilmərəm. O qocadır, həm də bacımın qayınatasıdır. Hələlik Zaqafqaziyada və Dağıstanda bu cür hadisə olmamışdır. Doğrudan da Hacı belə bir fikirdə olsa, ona ağıllı adam demək olmaz. Atam və anam da bu cür uyğunsuz hərəkətə yol verməzlər. Atam bilirsinizmi nə cür adamdır?! Mən əsas məsələyə keçərək dedim: – İndi ki, məsələ bu yerə gəlib çıxdı, mən bütün məsələni açıb sizə demək istəyirəm. Hacı sizə vermək üçün mənə bir məktub da tapşırmışdır. Xanım həyəcanlı bir surətdə dedi: – Məktub? Verin baxım? Mən Hacının məktubunu ona verdim. Xanım məktubu oxuyarkən, mən onun dəli olacağından qorxdum, çünki həddindən artıq həyəcan göstərirdi. O, ağlamadı. Ancaq bir kərə: – Doğrudan da şərqlidir! — dedi. — İndi mən nə edə bilərəm? Bir daha o dağılmış evə, o cəhənnəmə qayıda bilərəmmi? Mən onu sakit edib dedim: – Siz yenə də mənə qulaq asın. Darıxmaq, tələsmək lazım deyil. Bu işin rusvayçılığa qədər qalxmaması üçün başqa cür tədbir gərəkdir. Bu tədbiri biz sizinlə bərabər həyata keçirməliyik. Xanım Hacının məktubunu mənim qabağıma atıb dedi: – Bu məktubu on səkkiz yaşında qıza yazan altmış iki yaşında qoca — dəlidir! Məktub «Sona xanım! Sənə əvvəlcə belə bir məktub yazmaq mümkün deyildi, çünki sən hələ uşaqlıq dövründən gənclik dövrünə keçməmişdin; sən dünyaya bir uşağın gözü ilə baxırdın. İndi isə sən on səkkiz yaşındasan. İndi dünyaya ağıl və düşüncənlə baxa bilərsən. Doğrudur, Sona xanım, mən indiyə qədər sənə «qızım» demişəm, lakin mən elə bilirəm ki, bu kəlmə səni həmişəlik xoşbəxt edə bilməyəcəkdir, sən o zaman bu milyonlardan bir hissə apara bilməyəcəksən; sən öz gələcəyini «qızım» kəlməsi ilə təmin edə bilməyəcəksən. Bu vəziyyət məni çoxdan bəri düşündürürdü; səni bu nemətlərdən məhrum etməmək üçün çarələr axtarırdım. Nəhayət mən, çox düşüncədən sonra, səni bu milyonların varisi qərara vermək istədim. Lakin sənin bacın buna razı deyildir. O, milyonların ikinci varisini görmək istəmir. Onun səni qısqanmasının da başlıca səbəbi budur! Sənin bacın, bu tükənməz və bitməz dövlətin üzərindəki hökmranlığına şərik ola biləcək ikinci bir şəxsi görə bilmir, bu da təbiidir. Bunların hamısını nəzərə almalısan. Sənin də, bütün ailənizin də səadəti hazırkı məktuba müsbət bir cavab verməkdən asılıdır. Mən sənin nişanlı olduğunu bilməmiş deyiləm. Mən haman oğlanı sevirəm, xatırını da möhtərəm sayıram. Lakin nə sən onu xoşbəxt edə biləcəksən, nə də o səni; ikiniz də bədbəxt olarsınız. O gəncin xoşbəxtliyi özünə bərabər bir qızla evlənməkdə, sənin səadətli gələcəyin isə mənim ağıllı sözlərimi diqqətli bir surətdə eşitməkdədir. Sən mənim məktubumun cavabını yazmaqda çox da tələsmə; qoy acığın sönsün, onda ki qəlbin sakit oldu, o zaman məktubumun cavabını yazarsan. Hacı Zeynalabdın Tağıyev». Mən Hacının on bir əlifdən ibarət olan imza ilə yazdığı məktubu oxuyub yerə qoydum və xanıma dedim: – İndi məsələ tamamilə aydınlaşdı. O, sizinlə evlənmək istəyir. Sizin hissiniz doğru imiş. Onu çox da gözəl tanıya bilmisiniz. İndi burada biz ikimiz də düşünməli və məsələnin böyüməsinə imkan verməməkdən ötrü işin qabağını almalıyıq. Xanım tələsik soruşdu: – Nə etməliyik? Mən dedim: – O heç vaxt sizlə evlənmək üçün zor göstərməyəcəkdir. Biz bu saat bu məktubun cavabını yazmalıyıq. O, bu məktubdan qabaq sizə vermək üçün mənə bir necə məktub da vermişdi. – Bəs onları mənə nə üçün vermədiniz? – Mən onları sizə verməkdən utandım. İndi isə məsələnin üstü açıldığı üçün bunu sizə dedim. Onların məzmunu bu məktubun mündəricəsi ilə bir idi. İndi götürünüz qələm və kağız, bu məktubun cavabını yazınız. Götürün, necə deyirəmsə, elə də yazmalısınız. – Mən necə yazım? Onun adını məktubda yazmaqdan da utanıram. – Adını yazmaq lazım deyil! — deyərək xanıma diktə etməyə başladım: «Möhtərəm cənab! Siz göndərdiyiniz bir çox məktublarla bərabər, son məktubunuzu da aldım. Mən çox təəssüf edirəm ki, bu günə qədər öz səhvimin nəticəsi olaraq, sizin sevgi hisslərinizə imkan vermişəm. Lakin nə qədər ki, vaxt keçməmişdir, həqiqəti yazmaq və sizi xəbərdar etmək lazımdır. Biz, bir-birimizə tay deyilik. Siz hər halda gedib öz tayınızı tapıb evləniniz! Bu məktub son məktubumdur. Rica edirəm ki, siz bir də bu cür məktubları yazmaqla məni rahatsız etməyəsiniz. Mən başqasına nişanlanmışam. Başqasının nişanlısına sevgi məktubları göndərmək isə böyük bir qəbahətdir. Bu qəbahət ziyalı adamlardan baş verməməlidir!» Xanım dediklərimi tamamilə yazıb mənim üzümə baxdı. – İndi də imza edərək mənə veriniz! — dedim. O, məktubun altında əlləri titrəyə-titrəyə «Sona xanım» kəlmələrini yazıb, mənə verdi. Jenya təəccüblə soruşdu: – Siz haman məktubu Hacı cənablarına verdinizmi? – Yox! O məktub Hacıya verilmək üçün yazılmamışdı. Mən haman məktubu paketə qoyub xanımın Dağıstandakı nişanlısına göndərdim. Bununla xanımın öz nişanlısı ilə əlaqəsi kəsildi. Hacının tapşırığını yerinə yetirdim. Doğrudan da Hacı buyuran kimi mən Sona xanımı dəyişdim. Hacının yanında uca bir hörmətə nail olmağımın səbəbi də budur. Jenya: – Doğrudan da siz bununla Hacı cənablarına böyük xidmət etmisiniz, — dedi. — Buna heç bir söz ola bilməz. Siz bununla xanıma nə kimi yaxşılıq etmiş oldunuz?! – Mən xanımı yoxsul bir tələbənin qəmkin evindən qurtarıb, milyonların içərisinə saldım. Əmin olun ki, sizi də xoşbəxt edəcəyəm. * * * Silahlı üsyan hazırlığı «Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür! ...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır». Zaqafqaziya Müttəfiq Komitəsi, 1905-ci ilin yanvarında, mütləqiyyətə qarşı silahlı hücum zəruriyyətini irəli sürərək yuxarıdakı şüarı buraxmışdı. Qafqaz Müttəfiq Komitəsi yorulmadan fəhlə və kəndliləri silahlı üsyana çağırırdı. «İnqilabın rəhbəri, onun bayraqdarı... inqilabın həqiqi ruhlandırıcısı — proletariatdır». «...İndi, proletariat inqilaba can atdığı bir zamanda, inqilaba şüurlu surətdə rəhbərlik etmək istədiyi bir halda, onun sinfi interesləri, onun üzərinə rəhbərlik həvalə etdiyi bir zamanda, proletar partiyasının vəzifəsi üsyan işini təşkil etmək və bununla proletariatın həqiqi rəhbərliyi üçün zəminəni möhkəmlətməkdir». Qafqaz müttəfiq partiya komitəsi buraxdığı intibahnaməsində deyirdi: «Partiyamızın bilavasitə vəzifəsi üsyan təşkil etməkdir... Yalnız bizim partiya üsyan təşkil etdiyi zaman və deməli, proletariat inqilabın həqiqi rəhbəri kimi çıxışda bulunduğu zaman, yalnız o zaman biz köhnə qaydaların darmadağın edilməsindən layiqincə istifadə edə bilərik; yalnız o zaman gələcək azad Rusiya möhkəmcəsinə bərkiyib sosialist həyatı, «adilanə» vəd edilmiş torpağa doğru özümüzə layiqli surətdə yol aça bilərik...» Qafqaz bolşeviklərinin Leninin rəhbərliyi ilə başlanmış çıxışları rus-yapon müharibəsində çar ordusunun məğlubiyyəti nəticəsində başını itirmiş və beşinci il inqilabı ərəfəsində durmuş çar mütləqiyyətini düşündürməyə və qudurğan təşəbbüs dalınca getməyə vadar etməkdə idi. Çar hökuməti Bakı fəhlələri arasında böyük bir həmrəylik olduğunu Bakıda baş vermiş iyul və dekabr tətillərində gördü. Hökumət, birinci növbədə fəhlələrin sinfi duyğularını zəhərləmək, onların həmrəyliyini pozmaq, bununla da Zaqafqaziyanı millətlər müharibəsinin səhnəsinə çevirməyi qərara almışdı. Zaqafqaziyada baş verəcək milli toqquşmalar bolşeviklərin silahlı üsyan məqsədlərini pozacaq və onları Ümumrusiya inqilabına qoşulmaqdan məhrum edəcəkdi. Çar hökuməti bu məqsədlə Bakı general-qubernatoru Nakaşidzeni Zaqafqaziya məsələsini həll etmək üçün Peterburqa çağırmışdı. Çar hökuməti fəhlələrin həmrəyliyini pozmaq, onları bolşeviklərin nüfuzu altından çıxarmaq üçün cürbəcür çarələr düşünmüşdü. Xəfiyyələri, menşevik şendrikovları səfərbərliyə alıb, bolşevik rəhbərliyinə qarşı müharibə açmışdı. Bolşeviklər tətillərin daha da davam etdirilməsini fəhlə hərəkatına bir zərbə kimi qiymətləndirərək, işə başlamağı məsləhət gördükləri zaman, menşeviklər bunun əleyhinə çıxırdılar. Menşeviklər tərəfindən İlya və Lev Şendrikovlar «Fəhlələr aylardan bəri tətil edirlər, indi onların işə başlaması xəyanətdir» deyərək bolşeviklərin rəhbərlərini tənqid etməyə, onları avam fəhlələrin nəzərində etibardan salmağa çalışırdılar. Bolşeviklər məsələnin iç üzünü lazımınca bildiklərindən hər yerdə təbliğat aparmaqla: «Tətilin bundan artıq davam etməsi burjuaziyanın əlinə silah verməkdir» deyirdilər. Doğrudan da tətil bir az davam etsə idi, fəhlələr tətil komitəsinin icazəsi olmadan işə başlayacaq, bununla da burjuaziyanın bütün təkliflərinə boyun əyəcək idilər. Menşevik başçıları ilə daşnak başçıları, hökumətin milli qırğınlar törətmək üçün zəminə hazırladığını bildikləri zaman bu fitnənin tez həyata keçirilməsinə çalışırdılar. Onlar bolşeviklərin silahlı üsyan şüarından istifadə edərək, nümayişlərin silahlı olması məsələsini meydana atdılar. Daşnak başçıları: «Biz heç vaxt fəhlə sinfinin burjuaziyaya boyun əyməsinə razı olmayacağıq. Qoy bolşeviklər bizim Yerevandan alacağımız silahlar gəlincəyə qədər dayansınlar, silahlar gəldikdən sonra burjuaziya bizim qarşımızda diz çökməyə məcbur olacaqdır...» deyirdilər. Bolşeviklər tərəfindən çağırılmış iclasda Şendrikov İlya ikinci kərə söz alıb danışdı, bolşeviklərin rəhbərlərini nüfuzdan salmaq istədi: – Hər vaxt sol xətti-hərəkət götürən bolşevik rəhbərləri nədənsə indi tamamilə sağlaşmışlar. Mən daşnakları tamamilə haqlı hesab edirəm. İlya Şendrikovun sözündən sonra Əsgər çıxış etdi: – Belə çıxışların siyasi mənasını biz çox gözəl bilirik! Biz bilirik ki, tətili davam etdirmək, burjuaziyanın əlinə silah vermək deməkdir. Hökumətin milli qırğın hazırlamaq istədiyi və buna zəminə aradığı bir zamanda, biz Bakıda silahlı nümayiş edilməsi məsələsini lazım bilmirik. Mən daşnaklara deyirəm, qoy menşeviklər də eşitsinlər: bu fikirlərin özü də mədənləri yandırmaq fikri kimi bir fitnəkarlıqdır. Biz deyirik ki, daşnakların və menşeviklərin bu fikri çar polisinin fikrindən əsla fərqli deyildir. Biz silahlı üsyanın lazım olduğunu, menşeviklərdən ayrıldığımız gündən bəri meydana atmışıq. Necə oldu ki, silahlı üsyan məsələsi üstündə bizdən ayrılan menşeviklər bu gün silahlı üsyan məsələsini meydana atırlar? Necə olur ki, bir necə gün bundan əvvəl tətili içəridən dağıtmaq üçün Bibiheybətin və Balaxanının bəzi geridə qalmış fəhlələrindən istifadə edən və burjuaziya ilə əlbir işləyən, burjuaziyanın örtülü paketlərini alan cənablar bu gün tətilin davam etdirilməsini tələb edirlər? Bu bizə aydındır! İndi fəhlələrin təşkilatını və onların həmrəyliyini pozmaq istəyən Bakı polisi tətili davam etdirməyə çalışır. Cənablar! Sizin silahlı üsyanınız müxtəlif millətlərdən ibarət olan Bakıda qubernator Nakaşidzenin istədiyi nəticələri verə bilər. Əsgərin çıxışı iclasda bir dönüş yaratdı, bu da mərkəzdən gəlmiş partiya nümayəndəsinin çıxışına səbəb oldu: – Mən Bakıya gələndən sonra, Bakıda gizli təşkilat içərisində daha bir gizli təşkilat olduğu qərarına gəldim. Mənim yaşadığım otelə iki nəfər gəlib məni soruşmuşdu. Onlarla görüşdükdə onlar özlərini Nobel qardaşları neft şirkətinin nümayəndələri adlandırdılar. Onlar mənə dedilər: – Sizin, Rus Sosial-Demokrat Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi olduğunuzu bilirik. Biz sizin partiyanız üçün otuz min manat verməyə hazırıq. Mən onlardan soruşdum: – Bu pulu siz nəyin müqabilində partiyaya verirsiniz? – Bunun müqabilində partiya dekabr tətillərini iki həftəyə qədər daha uzatmalıdır. Bu sözlər onların dediklərinin eynidir. Mən onlardan boyun qaçırmaqla, gizli təşkilatla heç bir əlaqəm olmadığını söylədim. Onlar vidalaşıb getdilər. Mən də həmin gün otelimi dəyişdim. Həmin adamlar yenə də gəlib məni tapdılar. Bu dəfə otuz min manat əvəzinə əlli min manat təklif etdilər. Mən yenə də boyun qaçırdım, Sosial-Demokrat Partiyası ilə əlaqəm olmadığını söylədim. Yoldaşlar, indi siz yaxşı fikirləşin! Mənim Sosial-Demokrat Partiyası nümayəndəsi olduğumu onlara kim xəbər vermişdir? Buna görə də biz, birinci növbədə öz sıralarımıza nəzər yetirməliyik. Ayrapet söz alıb daşnak partiyası başçılarına hücum etdi. Daşnak partiyasının keçmişini və hazırkı işini təsvir edərək dedi: – Mənim savadım burada daşnak və menşeviklər tərəfindən danışanların savadından çox-çox azdır. Mənim savadlanmalı olduğum vaxtların hamısı vışkalarda keçmişdir. Buna baxmayaraq, mən yaxşı-yamanı bir-birindən ayıra bilirəm, kimin nə məqsədlə danışdığını anlayıram. Yoldaşlar! Bakı fəhlələrinin başlıca tərkibi yerlilərdən, ermənilərdən, tatarlardan və iranlılardan ibarətdir. Bu göstərdiklərimin bəziləri milliyyət cəhətincə bir olsa da, dil və adət cəhətincə bir-birinə oxşamayan adamlardır. Bakı fəhlələrinin tərkibində olan iranlılar yerli proletariatın ən geridə qalanı və mədəniyyətsizdirlər. Bizim bəlamız burasındadır ki, İrandan işləməyə gələnlər özünü buradakı zəhmətə təhkim etmək istəməmişlər. Onlardan bir çoxu pul qazanmaq üçün Bakıya müvəqqəti gəldiyindən təşkilata qoşulmaq istəmir, qoşulsa da, tətil zamanlarında başqalarına baxmayıb, burjuaziyanın yağlı dillərinə aldanaraq tətili pozur və öz yoldaşlarına düşmən olur. Ermənilər, yerlilər, iranlılar və tatarlar arasında dini və milli ixtilaflar onların sinfi idrakının inkişaf etməsinə də mane olur ki, bu da onların arasında həmrəylik yaratmaq işində çətinlik törədir. Belə bir vəziyyətdə olan Bakı proletariatını təşkil etmək və onun mənfəəti üçün düzəltmək istədiyimiz həmrəyliyin nə qədər böyük zəhmətə başa gəlməsi də bəllidir. Yoldaşlar, hazırda o həmrəylik yaradılmışdır. Bakıda, kənd ilə əlaqəsini hələ kəsməmiş olan, kəndin adət və mövhumatını özü ilə bərabər şəhərə gətirən, hətta onu şəhərdə də davam etdirmək istəyən azərbaycanlı və erməni kəndliləri də böyük bir kütlə təşkil edirlər. Erməni kəndlilərinin Zaqafqaziyada nisbətən gözüaçıq olduğuna baxmayaraq, onların ümumi və sinfi hərəkatdan geridə qalması səbəbsiz deyildir. Mən burada daşnaklar və onların arxalandığı erməni burjuaziyası haqqında danışacağam, buna görə də erməni proletariatının inkişafına mane olan və onların sinfi idrakını dumanlandıran, onları proletariatın ümumi və siyasi hərəkatından ayıran səbəbləri göstərəcəyəm. Yoldaşlar! 70-ci ildən başlayaraq erməni əhalisinin, xüsusən ziyalılarının diqqət-nəzərini cəlb edən, Türkiyədəki «erməni məsələsi», Ermənistanın bərpa edilməsi məsələsi və bu yolda aparılan təbliğat olmuşdur. Bu məsələni ortaya atan və bu işdə fəaliyyət göstərən erməni milli təşkilatları — hinçakist və daşnaklar olmuşdur. Daşnak başçıları yerlərindən səsləndilər: – Bu məsələnin yeri deyil, bəsdir! Bizə tarix lazım deyil! Bu səsə qarşı erməni fəhlələrinin səsi eşidildi: – Qoyun danışsın! Qoyun erməni fəhlələri öz dost və düşmənini tanısın! Danış, yoldaş Ayrapet, danış! Ayrapet sözünə davam etdi: – Bunu qeyd etmək lazımdır ki, «erməni məsələsi» ətrafında yaradılmış olan bu təşkilatların Rusiyada, Zaqafqaziyada erməni yaşayan yerlərdə, Türkiyədə göstərdikləri fəaliyyət çox pis hallar törətmişdir. — Yenə də daşnaklar etiraz etdilər. Ayrapet əhəmiyyət verməyib sözünə davam etdi. — Bu təşkilatların başlıca təşkilatçıları Rusiya erməniləridir. Rusiya ermənilərinin arasında Türkiyə Ermənistanının azad edilməsi təbliğatından başqa, onlar bir qədər praktiki işlər də görürlər: məsələn, pul toplayır, Türkiyə Ermənistanına silah göndərir və adamlar yola salırlar. Bu təşkilatın Zaqafqaziyanın və Rusiyanın müxtəlif şəhərlərində komitələri və yardım komitələri də vardır. Erməni burjuaziyasının və erməni ziyalılarının arasında belə bir düşüncə yaranmışdı ki, guya erməni proletariatı Rusiyadan heç bir şey gözləməməlidir. Daşnak və hinçakist partiyası başçılarının fikrincə erməni proletariatının nicatı yalnız «Ermənistanın istiqlaliyyəti» nəticəsində yaradılacaqdır. Rusiyadakı qurtuluş səslərini və başlanmış olan fəhlə hərəkatının gurultularını hinçakist və daşnaklar anlamaq istəmirlər. «Rusiya erməni proletariatı üçün yabançıdır» — şüarını daşnaklar və onların həmməsləkləri hər yerdə yayır və müdafiə edirlər. Erməni «inqilabi» partiyasının erməni kəndli və proletariatına: «Türkiyə erməniləri tədricən kəsilib məhv edilir, onlar əzab çəkir, müstəqil Ermənistan vücuda gələrsə, orada səadətlər doğacaqdır», deməsi erməni xalqının bir çox hissəsini yoldan çıxartdı. Proletariat və əzilmiş kəndlilər öz əzab və zəhmətlərini unudub məfkurə ilə məşğul olmağa başladılar. Ümid və fəaliyyətlərini «qurtuluş» mənbəyi olacaq yeni Beytülmüqəddəsə sərf etdilər. Yoldaşlar! Bu hal erməni kəndli və proletariatına sinfi vəziyyətini düzgün düşünməyə imkan vermir, onu həqiqəti görməkdən məhrum edir. Təəssüf ediləcək bir şey vardır ki, erməni milli partiyaları bu həqiqəti anlamaq istəmirlər. Daşnaklar bu son günlərdəki hərəkətlə yenə də erməni fəhlə və kəndlilərini öz dallarınca aparmağa, Türkiyədə erməni xalqının başına gətirdikləri fəlakəti Zaqafqaziya ermənilərinin də başına gətirməyə hazırlaşırlar. Yoldaşlar! Onların Yerevandan silah gətirmələrindən və burada silahlı üsyan hazırlığından dəm vurmalarının mündəricəsi də keçmişdə törətdikləri işin davamıdır. Yoldaşlar! Daşnaklar Yerevandan silah gətirəcəklərindən və silahlı üsyan hazırladıqlarından dəm vururlar. Daşnakların köhnə fəsadçı olduqları məlumdur. Mən bunlar hazırladığı üsyanın proletariatın ideyaları uğrunda bir üsyan olacağına şübhə edirəm. Gözdə-qulaqda olmaq lazımdır. Yoldaşlar! Daşnaklar erməni burjuaziyasının əlində bir alətdirlər. Mən qorxuram ki, onlar erməni burjuaziyası ilə birlikdə fəsad törətsinlər. Odur ki, biz erməni fəhlələri daşnak başçılarına inanmırıq, onların dalınca getmək istəmirik. Biz Lenin yoldaş göstərən yolla gedirik və gedəcəyik də!.. Ayrapet sözünü daşnakların səs-küyü altında qurtardı: – Verdiyimiz tələblərin bir çoxunu burjuaziya qəbul etmişdir. Tətili davam etdirməyəcəyik, işə başlayacağıq. Yenə də fürsət ələ keçdikdə başqa tələblərimizin həyata keçirilməsi uğrunda çalışacağıq! * * * Erməni-müsəlman qırğınının zəminəsi Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı. Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi. Ziyafətdə bütün məsələlər erməni-müsəlman qırğınını düzəltmək məsələsini müzakirə üçün sabah Peterburqa yola düşəcək olan qubernator Nakaşidzenin şərəfinə qaldırılan qədəhlərin çinkiltiləri altında həll olunurdu. Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. Birinci yeri qoçu Hacı Aslan, Məmməd bəy və bu kimiləri tuturdu. Qubernatorun qapısında qarovulda duran pristavlar da bu gün Hacının süfrəsində oturub stəkan-stəkana vururdular. Hacı içirdi, lakin o, qoçu Hacı Aslanın yanında içə bilmədiyindən öz qədəhini narzan ilə doldurur, tostlara cavab verirdi. Hamının gözü qubernatorun və Hacının ağzında idi; lazımi sözlər bu iki zatın ağzından çıxacaq idi. Qubernatorun da gözləri Hacının və Hacı Aslanın qabağında duran narzan qədəhində idi; o, qədəhlər qaldırılırkən tostlarda qubernatorun gözlədiyi lazımi sözlər deyiləcəkdi. Hacı Aslan sol əlində narzan qədəhini tutub, sağ əlini Nalçikdən gətirmiş olduğu xəncərin dəstəsinə qoymuşdu. Kəblə İsrafil Hacıyev və başqaları döşlərini qabağa verib, dal ayaqları üstə oturan kiçik ev tulaları kimi kirpik qırpmadan qubernatorun üzünə baxırdılar. Hacı qubernatorun bu intizarını hamıdan əvvəl hiss elədi və buna görə də nitqə başladı: – Ağalar! Alicənab və möhtərəm qonaqlar! Günlərimiz çox tarixi günlərdir. Bu günkü vəziyyət hökumətə sadiq olan bütün müsəlman xalqından ötrü mühümdür. Bu gün, bizdən fədakarlıq tələb edir. Hacı Aslan əli ilə işarə edərək Hacını dayandırdı, xəncəri qabağa çəkib dedi: – Hacı və qubernator ağa öl desə — öləcəyəm, qal desə — qalacağam! Bu sözü deyib ayağa qalxdı, yenə oturdu. O, bığlarını eşir və tövşüyürdü; qubernatorun üzünə baxır, onun bu sözdən razı olub-olmadığını bilmək istəyirdi. Qubernator bunu hiss edincə Hacı Aslana dili ilə yox, başı ilə razılıq işarəsi verdi. Hacı da sözünə davam elədi: – Ağalar! Bizim qoşunumuz Çin məmləkətində xain yaponlar ilə vuruşur, biz onlara kömək verməliyik; hökumətimiz bizdən kömək gözləyir. Bu sözdə Hacı Aslan tab gətirə bilmədi, əlini aparıb adəti üzrə börkünü gözləri üstünə saldı, söz istədi. Ona heç kəs söz verməyə bilməzdi. Hacı Aslan tutqun bir səslə dedi: – Biz bu börkü başımıza isti-soyuqdan ötrü qoymamışıq, bu börkün altında olan baş da, başdır, balqabaq-zad deyil. Bəlkə bizi qubernator ağa tanımır, Hacının özü ki bizi çox yaxşı tanıyır. Hərgah hökumətə kömək lazımdırsa, bizə niyə xəbər vermir? — Hacı Aslan bunu deyərək qoynundan möhürtəsbehini çıxarıb, stolun üstünə qoydu, əlini şappıltı ilə onun üstünə vuraraq dedi: — Bu türbəti-Kərbəlaya and olsun ki, qubernator ağa buyurursa, mən sabahın özündə dəstəmi götürüb düz Çin məmləkətinə gedim, onda yaponlar da bilər ki, imperator adamsız deyil. Onun dalında bu cür oğlanlar durubdur. Sizin canınıza and olsun, o it uşağını toyuq darını dənləyən kimi bircə günün içərisində dənləyib qurtararam. Bakının aləmə qan ağladanlarının hamısı mənim əlimdədir: ramanalı Qurban öz dəstəsi ilə, Dursun nəvəsi Əkbər öz dəstəsi ilə, içərişəhərli Molla Qasım uşaqları da ki, əlimdə hazır. Səlimxanov Əsədbəy özü də ki, burada oturub, Şahkəldi nəvəsi Tağı, çəmbərəkəndli Sadıq, marojnaçı həmşəri Hüseyn, quş Məmmədhəsən, yuxarı məhəllədən Hacı Əbülhəsən kimi qəhrəman, Kəblə İsrafil Hacıyev ki, süfrədə əyləşib, balaxanılı Pəhləvan, suraxanılı Əlibəndə oğlanları, patron Ələbbas, Şıx Balayev, Zəfər Babayev, Hacı Zərbəli oğlanları, Danasatan oğlu Süleyman, Məhəmmədidən Əbdürrəzzaq, palton Abasqulu, novxanılı Hacı oğlu Məşədi, Səlim oğlu Soltan, hələ bir çoxları yadımdan çıxıb. Mən Məmməd bəydən çox təvəqqe edirəm ki, dediklərimin hamısını qubernator ağaya tərcümə etsin. O, Ftilbörkə gedəndə imperatora xəbər versin ki, onun bu cür adamları var; yapon nə köpək oğludur! Yaponda mənim adamlarım kimi adam haradan tapılar?! Hacı Aslan sözünü bitirdikdə Nakaşidze onu alqışladı. Hacı yenə də danışdı: – Bu süfrənin başında oturanlar yalnız öz tərəfindən deyil, bütün müsəlman xalqı tərəfindən də danışa bilərlər. Hər nə olursa-olsun, biz hökumətlə əlbir işləyəcəyik. Biz heç vaxt razı olmayacağıq ki, beş-on nəfər sosial-demokrat, adını bolşevik qoyub bizim hökumətimizin işinə qarışsın. Biz o cür dələduz adamların gərək tamam nəslini yer üzündən kəsək! Biz də hökumətə kömək verməyəcəyik, bəs kim verəcəkdir? Hacı Aslan yenə yerindən qalxıb danışmaq istədikdə, İsmayıl bəy Səfərəliyev onun ətəyindən dartıb saxlamaq istədi, qubernator bunu görüb, Hacı Aslana söz verdi. Hacı Aslan əlini döşünə döyə-döyə dedi: – Mən həqiqi rusların müsəlman qardaşıyam! Cənab qubernator özü bilir ki, mən və burada oturan cənab Ağabala Quliyev birinci dəfə həqiqi ruslar ittifaqına yazılmışıq. Hacı Aslanın sözü süfrə başında oturanlarda böyük şadlıq yaratdı; bu şadlığın təsiri altında qubernator Hacı Aslana dedi: – Sizdən çox razıyam! Lakin bunu da deməliyəm ki, sizə zəhmət verib, Yaponiya cəbhəsinə aparmaq lazım deyil. Sizin ixtiyarınızda olan igidlər bir gün bizə Bakıda lazım olacaqdır! Yedilər, içdilər, sonra qubernator Peterburqa getməsi barəsində məlumat verdi: – Mən Peterburqa səbəbsiz getmirəm. Mən mərkəzə hər nə məqsəd üçün getsəm və nə iş üçün çağırılsam, yenə də Hacı cənablarının simasında olaraq, müsəlman xalqına bəslədiyim səmimi ehtiram duyğuları ilə gedirəm. Mən az müddətin içərisində bu xalqı olduğu kimi tanıdım. Müsəlmanlar hökumət qanunlarına ehtiram bəsləyən, həqiqi rəiyyətlik əsasında olaraq hökumətə itaət göstərən bir xalqdır ki, onların bu xüsusiyyəti, məncə, dinlərinin nəcib və alicənab, sülh və səlaməti sevən bir din olması ilə əlaqədardır. Mən daxiliyyə nazirinə və Qafqaz valisinə göndərdiyim yazılı məruzələrdə də bunu qeyd etmişəm. Bunsuz da bizim böyük dövlət adamlarımızın sadiq müsəlman təbəələri haqqında müəyyən və müsbət qeydləri vardır. Şəxsən mənim özümün müsəlman xalqı barəsindəki qeydlərim xüsusi və birinci yeri tutur. Şübhəsizdir ki, Hacının və onun himayə etdiyi müsəlman xalqının barəsində olan səmimi hörmətim məni böyük bir təşəbbüsə məcbur eləmişdir; o da müsəlmanların milli əzəmətinə qarşı qoyula biləcək hər bir düşmən qüvvətlə mübarizə aparmaqdan ibarətdir. İmperator hökuməti öz müqəddəs siyasətini keçmişdə olduğu kimi davam etdirəcəkdir; o, Zaqafqaziyada kiçik mövqe tutan millətlərin, böyük millətlərə qarşı mövcud olan ədəbsizliyinə və üstünlük siyasəti aparmasına qarşı ciddi tədbirlər görəcəkdir. Biz heç vaxt Zaqafqaziyada bir millətin başqa bir milləti əzmək üçün düzəltdiyi gizlin təşkilata dözə bilməyəcəyik. Onları öz qüvvəmiz və hökumətə sadiq olan başqa bir millətin köməkliyi ilə əzib məhv edəcəyik. Ağalar! Bu günkü vəziyyət hamınıza məlumdur. İndiyə qədər Zaqafqaziyada belə bir vəziyyəti heç bir kəs görməmişdir. Xüsusən Bakıda səlahiyyətli bir mövqe tutan müsəlman xalqını müdhiş bir qorxu təqib edir. Bir tərəfdən bolşeviklər silahlı üsyana və şəhəri talamağa hazırlaşırlar, o biri tərəfdən daşnaklar Yerevandan silah gətirmək təşəbbüsündədirlər. Heç şübhə yoxdur ki, silah gətirildikdən sonra burada Lalayevlər və Ağamovlar dinc oturmayacaqlar. Bu çıxışların ikisində də zərər çəkən bədbəxt müsəlman xalqı olacaqdır, çünki, əvvələn, Bakı sərvətinin çoxusu müsəlmanların əlindədir. Onlar dinc və silahsız camaatdır. Lakin siz elə bilməyəsiniz ki, hökumət yatmışdır. Bu işlərin qabağını almaq üçün tədbirlər görülmüşdür... Mən sizi bu barədə arxayın edə bilərəm. Bizim bu barədə qəti qərarlarımız vardır. Mən bu səfərimdə daxiliyyə nazirinə məruzə etmək üçün çox dəyərli materiallar aparıram. Bu materiallar tamamilə Bakı xalqının həyatını təmin etmək üçün gördüyüm tədbirlərdən ibarətdir. Lakin əmrivaqe qarşısında qalmamaq üçün müsəlmanların da hazırlanması lazımdır. Bu barədə sizə nə kimi vasitələr lazım olursa, hamısını öz vaxtında verməyi öhdəmə götürürəm. Sizə səmimi söz verirəm. Biz inanırıq ki, mühüm günlərdə müsəlmanlar öz qəhrəmanlığını göstərər, öz milli şərəfini müdafiə edərlər. Buna baxmayaraq yenə də sizi müdafiə etmək tədbirlərini düşünmüşəm və bu barədə lazımi yerlərlə danışmışam. O ki, qaldı bolşeviklər... Hacı Aslan yerindən partladı. Artıq onu dayandırmaq mümkün deyildi: – Onlar da mənim əlimdə! Onları da bir gecənin içərisində dənləmək mənim işimdir. İsmayıl bəy onun ətəyindən dartıb oturtdu. Lakin o yenə qalxır, oturur, xoruzlanır, papağını qaşlarının üstünə salır, əlini xəncərinin dəstəsində oynadırdı. Qubernator sözünə davam etdi: – Bolşeviklər yalnız müsəlmanlar üçün deyil, hər millət üçün qorxuludur. Hamıdan artıq bizi düşündürən də budur! Bolşeviklər partiyası din və məzhəb daşıyan hər millətin düşmənidir. Onların dinə və məzhəbə aid olan nəzəriyyəsi tamamilə pis bir nəzəriyyədir. On səkkiz günlük dekabr tətillərini düzəldən bolşeviklərdir. Onlar müəssisə sahiblərinə zərər verdikləri kimi, fəhlələri də dilənçi halına gətirdilər. Siz bu məsələni də unutmayın ki, tətilin bir qədər də uzanması bolşeviklərin özü üçün də böyük zərbədir. Belə olduqda fəhlələr, özbaşına olaraq, müəssisə sahibləri ilə sazişə girəcək, işə başlayacaq və bununla da bolşeviklərin ətrafından dağılacaqlar. Siz, ağalar bunları nəzərə alaraq, ağıllı menşeviklərin xətti-hərəkətindən istifadə etməlisiniz. Bu saat onlar bolşevikləri nüfuzdan salmaq üçün tətilin bir az da uzanmasını təklif edirlər. Qubernator sözünü qurtardı. Hacı ilə bərabər süfrə başında olanların hamısı bir yerdə dedi: – Allah imperatorun kölgəsini bizim başımızdan əskik eləməsin! Bizim atamız yerində olan cənab qubernatoru bizə çox görməsin! Hamıdan sonra Hacı Aslan dedi: – Cənab qubernator ağa bizi çox da aciz bilməsin! İnşallah bu lələş sağ olarsa, cənab qubernator ağa biləcəkdir ki, dədələr nələr əkib və analar nələr doğubdur! Cənab qubernator ağa görəcəkdir ki, kasa altında bir nim kasa da var. Qubernator getməyə tələsirdi; bu gecə müsəlmanlarla danışdığı sözləri erməni dövlətlilərinə və erməni başçılarına — Lalayevlərə və Ağamovlara da danışmalı idi. Hamı getmişdi. Milyonçunun sarayı tamamilə səssizdi. Jenya öz otağında oturub bütün eşitdiklərini yazırdı. * * * Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı. Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı: – Götür yaz! — dedi. «Tətil edən fəhlələri fabrikin evlərindən bayıra tökdüyünüz üçün yerdən göyə qədər razıyam. Bu barədə olan zəhmətiniz əlavə olaraq təqdir olunacaqdır. Bu saatda fabrik müdirindən aldığım məlumata görə, fəhlələrdən bir çoxu külfətini götürüb məscid həyətlərində yerləşibdir. Onları məscid həyətlərindən də çıxarıb çölə atmaq üçün lazımi təşəbbüsdə bulunmalı». Xanım məktubu yazıb qurtardı, Paketə qoydu, polis müdirinə aparmaq üçün ev poçtuna verdi. Xanım və Hacı Mixaylovskini gözləyirdilər. Hava küləkli olduğu və qar yağdığı üçün o, vaxtında gələ bilməmişdi, buna görə də Hacı onu gözləmədən getdi. Hacı gedəndən çox sonra Mixaylovski gəldi və xanımın ürəyi şadlandı, çünki Mixaylovski hazır edilmiş tabloların bir çoxunu gətirmişdi. Divarlarla evin tavanı və döşəməsi bəzəndi. Bir saatın içərisində «Min bir gecə»nin bütün hekayələrini xanımın otağının divarlarında oxumaq mümkün idi. Xanım Mixaylovskinin Şərq salonuna aid layihəsini götürüb yoxladı, görülməyən işlər haqqında tapşırıq vermək üçün xatirat dəftərinə bəzi şeylər yazdı. Salon haqqındakı söhbətlər qurtardı. Mixaylovski xanıma dedi: – Salon haqqında düşünməyə ehtiyac yoxdur. Başqa şeylər də iki günə qədər düzələcəkdir. «Bağdad dünyası» adlı əsərin 27-ci səhifəsində, 11-ci sətirdə belə bir cümlə də vardır: «Zübeydə xatun, Harunərrəşid taxtının qiymətli bir cəvahiridir». İndi də biz düzəltdiyimiz Harunərrəşid sarayının qiymətli cəvahiri olan xanım haqqında çalışmalıyıq. Mən bu barədə xanımla bir neçə dərs keçməyə məcburam, çünki xanım, Zübeydə xatunu lazımınca tanımadan onu təmsil etməyi bacarmayacaqdır; buna görə də xanımın dərsləri üçün yüngül bir proqram hazırlamışam. Telefonun zəngi səsləndi; xanım dəstəyi götürüb danışdı, sonra da Mixaylovskiyə: – Polis müdiridir, — dedi, — tətilçilərin məscid həyətindən çıxarıb küçəyə, qarlar üstünə tökdürdüyünü xəbər verir. Mixaylovski portfelindən Hacının xanımına veriləcək dərsin proqramını çıxartdı. Xanım, hazırladığı Bağdad sarayında, Harunərrəşidin xanımı Zübeydə xatuna bənzəmək üçün altı dərs keçməli idi: Zübeydə xatunun paltarı. Zübeydə xatunun baxışı. Zübeydə xatunun gülüşləri. Zübeydə xatunun yerişi. Zübeydə xatunun nəşələri. Zübeydə xatunun küsməsi. Xanımın birinci dərsi üçün hazırlanan paltarı gətirdilər. Xanım saçlarını dalına töküb, alnına yaşıl bir lent bağladı. Brilyant düzülmüş badam şəkilli çıqqasını yaşıl lentin üstündən taxdı. İncə və əlvan ipəkdən güllər və çiçəklər tikilmiş yaşıl ipək donu geydi, qabaqdan ipək qaytanlarla bağladı. Ağ ipəkdən tikilmiş can köynəyinin bağlarını, topuqlarındakı qızıl düymələrlə düymələdi. Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərif-zərif səslənirdi; altına qızıl nal vurulmuş, almazlarla bəzənmiş bir çəkmə geydi. Xanım birinci, ikinci, üçüncü, dördüncü və beşinci dərsləri çox müvəffəqiyyətlə keçdi. Altıncı dərs çox mürəkkəb idi, bu dərsi bir neçə kərəyə keçməli idi. Xanım qalın məxmər döşəyin üstündə uzanmış, başını da hər iki tərəfindən qotazlar sallanmış zərrin yastığa qoymuşdu. İpək xalçanın üstündə qoyulmuş nargilə qəlyanın qəmişini ağzına alıb sümürürdü. Xanım qaşlarına çoxlu rəng çəkmişdi; sürməli gözlərini süzür və nazlanırdı. Mixaylovski onu qaldırıb yatırırkən telefonun zəngi çalındı... Xanım telefona gedib çox acıqlı qayıtdı: – Fabrikdəndir, — dedi. — Fabrikin işi də bizim üçün bir bəla olmuşdur... Hacı Məmməd deyir ki, suları kəsmişik, fabrikin mülkündə oturanların hamısı susuzluqdan yanır, Hacı xatircəm olsun. Mixaylovski: – Boş bir işdir, uzanınız görək! — dedi. İki nəfər gözəl qulluqçu qızın üzünü qaralayıb Həbəş qızı şəklinə saldı. Bunlar əllərini döşlərinə qoyub xanımın başı üstündə duracaqdılar. Xanımın sol tərəfində duran gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. Xanım qəlyanı çəkir; qəlyanın xorultusu salonun tavanında səslənirdi. İki qız da xanımın başı üstündə oturub tovus quşu qanadından qayrılmış yelpiklə onu yelpikləyirdi. Oğlan paltarı geymiş iki qız xanıma massaj edirdi. Birdən qapı açıldı, Hacı içəri girdi və bu vəziyyəti görüb özünü itirdi. Mixaylovski Hacının özündən çıxdığını görüb əl-ayağa düşdü. Nə edəcəyini, nə söyləyəcəyini bilmədi. Hamı susurdu. Xanım səssizliyi pozdu: – Müəllim, dərsinizə davam edin! Hacı da Mixaylovskiyə: – Cənab müəllim, — dedi, — siz mənim arvadımın uyğunsuz və yüngül hərəkətlərindən istifadə edib onu əyləncə şəklinə qoymayınız, rica edirəm, bəsdir! Hacı ətrafdakı şeyləri bir daha gözdən keçirdi, boğçadakı paltarı açıb baxdı. Bu paltarı Mixaylovski Hacı üçün hazırlamışdı. Hacı bu paltarı geyəndə Harunərrəşidə bənzəyəcəkdi, sonra da xanımla bərabər ətrafındakı on səkkiz nəfər gözəl qulluqçu ilə Şərq salonuna girəcəkdi. Hacı paltarları acıqlı bir surətdə götürüb atdı, xanıma acıqlı-acıqlı baxıb salondan çıxdı. Mixaylovski «Bağdad dünyası» adlı əsəri, xanımın dərs proqramlarını, hazır olmuş tabloların eskizlərini dərhal portfelinə qoyub getdi. Qəlyanın qəmişi xanımın ağzında, qara qulların əlləri döşündə, qızların əlləri yelpikdə, massajçının barmaqları xanımın bədənində, ud çalan qızların barmaqları isə ipək tellərdə donub qalmışdı. Xanım müəlliminin təhqir edilməsini, özünün təhqir edilməsi hesab etdi. Özünü döyməyə, əynindəki paltarını çırmağa, yanındakı qızları pis söyüşlərlə söyməyə başladı. Əlinə düşən şeyləri onların başına vurub dəli kimi qışqırırdı. Qulluqçular hara qaçacaqlarını və nə edəcəklərini bilmirdilər. Xanım ayağındakı qızıl nallı başmağı çıxarıb otağın aynalarını qırdı, dəli kimi otaqdan çıxıb getdi. Xanım yeddinci dərsini yataq otağında keçməyə qərar verdi. O, Mixaylovskinin, Zübeydə xatunun «küsməsi» barəsində verdiyi dərslərini xatırladı. Harunərrəşidin arvadı Zübeydə xatun xəlifəyə acıqlandığı hallarda qapısına bayır tərəfdən belə bir elan yapışdırardı: «Bu gün Ümmi-Cəfər xəstədir. Yanına heç kəsi buraxmayacaqdır. Bu qərar xəlifəyə də aiddir. Ümmi-Cəfər» Xanım belə bir elan yazıb öz yataq otağının qapısına bayır tərəfdən yapışdırdı; «Bu gün xanım xəstədir. Yanına heç kəsi buraxmayacaqdır. Bu qərar Hacının özünə də aiddir. Sona xanım». * * * İki direktor arasında Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi. Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi. Dərnəyin bu günkü məşğələsində dərnəyin orqanı olan «Qolos» jurnalının məqalələri oxunacaq və düzəldiləcəkdi. Tələbələr və Jenya hər gündə olduğu kimi çox ehtiyatlı dolanırdılar... Əvvəlcə imtahana lazım olan şeyləri hazırlayıb stolun üstünə qoydular, qapını içəridən kilidlədilər; sonra da jurnalın işinə başladılar. Jenya son məqaləni oxuyub qoynunda gizlətdiyi vaxt qapı vuruldu. Heç kəs özünü itirmədi. Dərhal Jenyanı imtahana hazırlamaq işinə keçdilər. Kutilevski içəri girib gülə-gülə soruşdu: – Bir qorxumu hiss edirsiniz? Gündüzdür, burada sizə kim əziyyət verəcəkdir? Jenya dedi: – Gündüz olduğuna baxmayaraq, gecələrin qorxulu adamları yenə də dərsimizin hazırlıq işlərinə əngəl törədə bilərlər. Kutilevski təəccüblə soruşdu: – Əngəl törədən kimdir? Bunu nə üçün mənə söyləməmisiniz? Jenya cavab verdi: – Bakı limanı rəisinin oğlu Devalev və onun yoldaşları həmişə bizim dərsimizə mane olurlar. Buna görə də qapını içəridən kilidlədim. Kutilevski: – Çox da gözəl iş görmüsünüz. Onun sizə mane olmaması üçün qəti tədbirlər görəcəyəm. — dedi. Jenya: – Sizdən çox razıyam. Doğrudan da siz mənim haqqımda hədd-hesaba gəlməyən səy göstərmisiniz, heç bilmirəm bu qədər yaxşılığın qabağında mən cənab direktora nə kimi qulluqla mükafat verə biləcəyəm, — dedi. Tələbələr kitablarını yığışdırıb getdilər. Kutilevski Jenyaya imtahana hazırlanmağa aid bəzi suallar verdi. Jenya verilən sualların cavabını müvəffəqiyyətli bir surətdə verdi. – Siz olduqca istedadlı bir qızsınız, lakin bəzi xırda nöqsanlarınızı yenə də davam etdirirsiniz ki, bu da sizin gələcəyiniz üçün olduqca zərərlidir. – Cənab direktor, nə kimi nöqsanlar demək istəyirsiniz? Kutilevskinin rəngi qızardı və utanaraq dedi: – Sizin nöqsanlarınız Mixaylovski kimi adamlara məhəbbət göstərməyinizdən ibarətdir. Madam ki, siz mənə söz vermişsiniz, o zaman Mixaylovskiyə bir yabançı kimi yanaşmalısınız. Keçən gün mən onun sizə «sən» dediyini eşitdim. Bununla sanki mənim qulağıma küllə vuruldu. Hələ sizin buna etiraz etməməyiniz də məni təəccübə gətirdi. Mən heç cür anlaya bilmirəm ki, onun kimi mənfur, pis əqidəli, murdar adamda nə görmüşsünüz? Özü yaşlı, xasiyyəti pis, yalançı. Buna baxmayaraq, sizin bir ayağınız yenə də texniklər məktəbindədir. Sizə and içirəm! Bu sözlərim qısqandığım üçün deyildir. Bu sözlərin özü də sizin imtahanlara hazırlanmaq proqramınıza aiddir, çünki bizim məktəblərdə əxlaq birinci yer tutur. Bunlar bir tərəfdə qalsın. Ailə qurmaq istədiyim namuslu bir qızın onun kimi namussuz və haramzada bir adamla oturub-durmasına nə cür baxa bilərəm? Bu, mənim kimi namuslu, təmiz əxlaqa malik olan adam üçün bir ləkə deyildirmi? Jenya gülümsəyərək ona qulaq asırdı. Kutilevski sözünü bitirdikdən sonra Jenya dedi: – Buyurduqlarınızın hamısı sizin öz nöqteyi-nəzərinizcə doğrudur. Lakin siz məni də gözəlcəsinə tanımalısınız. Mən sizə söz vermişəm, bu söz ikinci bir adama verilə bilməz! İndi ki, biz ailə düzəldəcəyik, gəliniz bu ailənin əsasını qısqanclıqlar üzərində qurmayaq, belə bir ailə uzun müddət davam edə bilməz. Gəliniz indidən başlayaq bir-birimizə inanaq, xırda işlərlə məşğul olmayaq. Bunların hamısından sonra biz hazırkı vəziyyətlə də hesablaşmalıyıq. Siz bilirsiniz ki, xanım məni Mixaylovskiyə tapşırmışdır. Siz bunu gözəlcəsinə anlayırsınız ki, onun bir sözü xanımın yanında iki deyildir. Mən bütün bu işləri nəzərə alıb özümü sizinlə bir yad kimi aparıram. Siz görürsünüz ki, mən nə qədər iradəli və öz tərəfimi saxlamaq işində də necə inadlı bir qızam. Siz görürsünüz ki, mən sizi sevdiyim, sizinlə ailə qurmaq istədiyim, sizə öz ismətimə məxsus namuskaranə söz verdiyim halda, əlinizin saçlarıma toxunmasına yol verməmişəm. Siz belə bir mətanətli qızın Mixaylovski kimi adamların ədəbsizliyinə imkan verəcəyinə inanırsınızmı? Söyləyin görüm o mənə nə edə bilər? Yenə də bilmək lazımdır ki, mənim ondan ani bir surətdə və hətta bir səbəb olmadan uzaqlaşmağım, bizim gələcək səadətimizi də qorxu altına ala bilər. Mən bunun üçün Mixaylovski ilə görüşməyə və onunla səmimi davranmağa məcburam. Kutilevski Jenyanın sözlərindən razı qalmadı, lakin etiraz etməyə də cürət eləmədi. * * * Jenya gimnaziyadan çıxıb düz texniklər məktəbinə gəldi. Məqalələrin çap olunmasını müəyyən yoldaşlara tapşırmaq lazım idi. Jenya məqalələri lazımi yerlərə verəndən sonra Mixaylovskinin yanına getməyi lazım gördü. Mixaylovski iş otağında Jenyanın intizarını çəkirdi. Jenya içəri girən kimi Mixaylovski əsəbi bir halda soruşdu: – Yenə də Kutilevskinin pis sifətini ziyarət etmək üçünmü getmişdiniz? Jenya gülümsəyərək dedi: – Tələbə üçün müəllimin çirkini-gözəli yoxdur. Tələbə — tələbə, müəllim də — müəllimdir. Tələbə müəlliminin yanına sevmək, ya sevilmək üçün getmir. Sizin zəhmətlərinizi azaltmaq üçün onun təcrübələrindən istifadə edirəm. Lakin siz yenə də qısqanırsınız, təbii haldan çıxırsınız. Bu hal davam etsə, hər ikinizdən əlaqəni kəsməyə məcbur olacağam. Jenyanın bu sözündən Mixaylovskinin varlığı sarsıdı; o, indiyə qədər Jenyadan belə sərt və acıqlı sözlər eşitməmişdi. O qorxub, mübahisəni davam etdirməkdən çəkindi. Jenya texniklər məktəbindən çıxanda saat altı idi. O, köhnə polis küçəsindən keçdiyi vaxt Pavluşanı gördü. Pavluşa özünü görməməzliyə vurub Jenyaya yanaşmaq istəmədi. Jenya onun etinasızlığını görüb səslədi: – Pavluşa, dayan! Pavluşa ayaq saxladı. Jenya yaxınlaşıb salam verdi. Pavluşa: – Quru bir salamın nə əhəmiyyəti vardır? — dedi. — Sən ki, dostluğa əhəmiyyət vermirsən. Bizim uzun görüşlərin və hesaba gəlməyən salamların nəticələrini gördük! Mənçə salamın əhəmiyyəti qalmamışdır. Sənin artıq mənə yaxın gəlməyə də macalın yoxdur. Bizim aramızdakı ayrılığın məsafələri getdikcə artır. Sən özünü elə bir şəklə qoymusan ki, mən səninlə bərabər durub danışmağa da utanıram. Şübhəsiz ki, sənin özün də beləsən; sən mənə yaxın gəlməkdən utanırsan. Mən işə başqa bir tərəfdən yanaşdığda, bizim görüşməyimiz mümkün deyildir. Sən burjuaziyanın alınmaz və adi insanların ayağı dəyməz möhkəm qalasına girmişsən. Burada biz nə kimi bir vasitə ilə görüşə bilərik? Eybi yoxdur, Jenya! Səni bu həyat sevindirirsə, get, yaşa! Mən və mənim yoldaşlarım da sənə mane olan adamlardan deyilik. Ancaq biz bu həyatı darmadağın edəndən sonra, sən öz səhvini anlayacaqsan, o zaman nə Kutilevski, nə də Mixaylovski kimi xəfiyyələrin nüfuzu qalacaqdır. Jenya Pavluşanın sözlərinə acı-acı gülərək: – Mən nə sizdən qaçmışam, nə də bu həyat dağıldıqdan sonra səhvimi anlayacağam. Partiya işində heç bir səhvim yoxdur. Mən də bu həyatın dağılması yolunda çalışıram. Mən özüm də zülm dünyasını dağıtmaq işində iştirak edənlərin birisiyəm. Təşkilat mənim nə iş gördüyümü lazımınca bilir. Buna görə də səndən rica edirəm ki, mənimlə heç bir zaman təşkilat adından danışma, öz xüsusi işlərindən danışsan daha yaxşı olar! Yaxşı kəsərli dilin, savadın, bacarığın vardır. Sən istəsən bu mühüm günlərdə bir çox dəyərli işlər görə bilərsən. Bibiheybət və Balaxanı fəhlələri arasında çalışıb onları şendrikovlar kimi burjuaziya nökərlərinin çirkabından qurtara bilərsən. – Sən nə bilirsən ki, mən işləmirəm? Mən bu barədə sənə raportmu verməliyəm? – İndi ki, sən raport verməyi sevmirsən, özün nə üçün başqalarından haqq-hesab istəyirsən? Nə üçün mənə mane olursan? Pavluşa, sənə yenə də deyirəm: doğrudan da sənin bu hərəkətlərin bizim həmişəlik ayrılmağımıza səbəb ola bilər. Qadın milyonçu evində qulluğa girə bilər. Mixaylovski, Kutilevski və başqaları ilə də iş xatirəsi üçün görüşə bilər, çünki onları yıxmaq üçün onların içərisinə girmək lazımdır. Pavluşa bu sözlərin tamamilə düzgün olduğunu bilirdi. Jenya deməsə də o, qadının vəzifəsini çox gözəl anlayırdı. Onun özü də Jenya düşünən kimi, bolşevikcəsinə düşünürdü, lakin bu düşüncələrin göstərdiyi yolla getməyə bir şey mane olurdu: o da qısqanclıq idi. Jenya dedi: – Pavluşa, qısqanmaq lazım deyil. Jenya yenə həmən Jenyadır. Əvvəlki dostluğumuz öz qiymətini itirməmişdir. Sənin dediklərinin hamısına burada cavab verməyəcəyəm. Gərək bu axşam saat doqquzda, Naberejnı küçədə görüşək. Sən buna söz verməlisən. Pavluşa: – Yox, söz vermirəm, — deyib ayrıldı. * * * Nakaşidze Peterburqdan gəldi Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər. Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi. Xanım izin verdikdən sonra Hacı əlində məktub onun otağına girdi. Otaqda bir xanım, bir də Jenya vardı. Jenya Hacını görüb, bayıra çıxmaq istədi, xanım izin vermədi. – Getmə, işinə məşğul ol, — deyib onu yanında saxladı. Jenya xanımın çıxartdığı paltarı bloknotuna yazıb paltar otağına aparmağa hazırlanırkən xanım da Hacının Nakaşidzedən aldığı məktubu oxuyurdu. Məktub çox da uzun yazılmamışdı: «Cənab Hacı! Peterburqa çox qiymətli xatirələrlə gəldim. Sizin salamınızı böyük bir iftixarla daxiliyyə naziri cənablarına yetirdim. Sizin səmimi dostunuz Fon Val cənabları da səlamətliyinizi eşidərək həddindən artıq şadlandı. Mən yaxında gələcək və sizin hörmətli əlinizi sıxmağa nail olacağam! Özümlə bərabər sizə qiymətli bir hədiyyə gətirirəm ki, o da daxiliyyə naziri cənablarının sizin öz adınıza yazdığı xüsusi məktubdan ibarətdir. Sizin imperator hökumətinə olan səmimi dostluq hissləriniz barəsində daxiliyyə naziri cənabları ilə xüsusi olaraq danışmağa vaxt tapdım. Heç şübhə yoxdur ki, mənim daxiliyyə naziri cənablarına şifahi olaraq söylədiyim məsələlərin hamısı olmasa da, bəzi mühüm nöqtələri II Nikolay həzrətlərinin qulağına yetişəcəkdir. Hacı cənabları hər halda öz dostlarını bu barədə əmin edə bilərlər. Peterburqun Qafqaz müsəlmanları haqqında qərarı olduqca müsbət bir qərardır. Dostunuz Nakaşidze». Hacı bu məktubun nəşəsi ilə uzun günlər yaşadı. Bu məktubla, qanlı bazar günü 9 yanvar hadisələrinin Bakıya təsir edə biləcəyi qorxularını qismən unutmağa başladı. Məktub gələndən bir neçə gün sonra, Bakı qubernatoru Nakaşidzenin xanımı Hacıya bayram müjdəsindən daha qiymətli bir telefonoqramma göndərdi. Telefonoqrammada, qubernatorun gecə saat ikidə sürətli qatar ilə gələcəyi söylənirdi. Hacı telefonoqrammanı alan kimi Məmməd bəyə belə bir telefonoqramma göndərdi: «Hafizin kitabını götürüb bizə təşrif gətiriniz. Hacı Zeynalabdın Tağıyev». Yarım saat keçməmişdi ki, Məmməd bəy hazır oldu. Hacı çox şadlandı. Məmməd bəy əvvəlcə Hacıya gündəlik hadisələr haqqında müfəssəl məlumat verdi. Hacı da bunun əvəzində cənab qubernatorun bu gecə saat iki qatarı ilə gələcəyini ona söylədi və əsil məsələyə keçərək dedi: – Cənab qubernator qiymətli bir məktub gətirəcəyi haqqında mənə yazmışdır. Sən də gərək Hafizdən bir fal açasan, görək, qubernator xeyir xəbər gətirəcəkdirmi? Mən heç şeyə inanmıram, amma o Hafizin falına inanıram; o kitab heç yalan danışmaz. Bir neçə kərə bunu təcrübədən keçirmişik. Sən özün də bunu bilirsən ki, xanımın haqqında bu kitab nə qədər doğru söz demişdi. Məmməd bəy Hafizi əlinə götürdü və Hafizin falına məxsus duanı oxumağa başladı: Ey Hafizi Şirazi! Bər mən nəzər əndazi! Ma talibi-yek falim, Tu kaşifi-hər razi! Rast beku, bəhəqqi Şah-Nəbat xanimi Şirazi Məmməd bəy duanı oxuyub qurtarandan sonra zarafatla Hacıya dedi: – Əlinizi kitabın üzərinə qoyub, nəzrinizi atınız! Hacı əlini kitabın üstünə qoyub dedi: – Aç, nəzri bir pianinodur. Məmməd bəy falı açdı. Falda görülən şerləri farsca Hacıya oxudu: «Çox mübarək faldır» deyə Hacıya müjdə verdi. Biya ki rayəti-mənsuri-padişah rəsid, Nəvidi-fəth büşarət və mehri mah rəsid. Çəmali-bəxt ziruyi-zəfər niqab əfkənd, Kəmali-ədl bə fəryadu dadxah rəsid. Süpehr, döviri-xoş əknun künəd ki, mah aməd. Cahan bə kamu dil əknun zi ərki şah rəsid. Məmməd bəy kitabı büküb dedi: – Ruhun şad olsun, Xacə! Elə bil ki, rəhmətlik bu saat Hacının kabinetində oturub Hacı ilə bərabər cənab qubernatorun Peterburqdan gəlməsini gözləyir. Hacının xırda gözləri parıldadı: – Sən mənə o oxuduqların şerlərin mənasını de. Doğrudur, savadsızam, amma bəzi sözləri anladım: Padişahdan danışır, falın yaxşı fal olduğuna heç şübhə etmirəm. Məmməd bəy şerin mənasını söyləməyə başladı: – Gəl, gəl ki, padişahın zəfər və qalibiyyət bayrağı yetişdi. Fəthin, şadlığın müjdə xəbərləri günəşə və aya qədər ucaldı, Bəxtin üzü qalibiyyət çöhrəsinin niqabını açdı. Ədlin kəmalı, yardım diləyənlərin köməyinə gəldi. İndi dövran çox yaxşı dövr edir, çünki ay gəlmişdir. Dünya öz məramına yetişəcəkdir, çünki şah gəlir. Hacı dedi: – And olsun Leylanın canına, elə bil ki, rəhmətlik Hafiz bu sözləri mənim qəlbimdən yazıbdır. A kişi, sözə bir bax! «Zəmanənin yol vuranları!..» Getdiyim Məkkəyə and olsun, rəhmətlik öz şerində Bakı bolşeviklərini yazıbdır. Yol kəsənlərlə bunların fərqi nədir? * * * Səhər saat doqquzda qubernator Hacını telefona çağırdı, özünün və xanımın keyfini xəbər aldı. Hacı da knyakinyanın keyfini soruşdu, dostluğuna dair sözləri yarı azərbaycanca, yarı rusca dedi. Hacı telefonun dəstəyini yerə qoyan kimi bufet müdirini çağırıb, bufetin və ərzaq anbarının vəziyyətini xəbər aldı, kəsirləri doldurmaq üçün on beş min manatlıq çek yazıb verdi: – Axşam yeməyində iyirmi üç nəfər olacaqdır! — dedi. Hacı qəbul salonuna keçdi. Xanım, qız qulluqçularını çağırıb tez bir iclas düzəltdi. Məsələ, axşam ziyafətində qulluq edəcək qızların paltarlarının yoxlanması məsələsi idi. Qulluqçu qızlar paltarlarını geydilər. Xanım gözə çarpan nöqsanların islah edilməsi üçün onlara göstəriş verdi. Axşam saat beşdə Hacının qapısında belə bir elan vurulmuşdu: «Bu gün Hacı xüsusi işlərlə məşğul olduğu üçün heç kəsi qəbul etməyəcəkdir». Hacının süfrəsinin artığını yeyənlər bir-bir elanı oxuyub geri qayıtdılar. Çağırılmış qonaqlar bir-bir, iki-iki gəlməyə başladılar. Gələnlər bufetin qabağında gəzişirdilər. Saat doqquzu vurdu. Hacının qəlbi də əziz qonağın intizarını çəkərək çırpınırdı. Hacı, Məmməd bəyin açdığı falın nəticəsində daxiliyyə nazirindən gətirilən məktuba cürbəcür məzmunlar verirdi. Qubernatorun gəlməsini qapıda duran qulluqçular telefonla xəbər verirkən, bufet qabağında duranların hamısı pilləkən başına toplaşdı. Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. Qonağı qarşılayanların hər biri yanındakını sıxışdırıb, birinci sırada durmağa və qonağa birinci olaraq əl uzatmağa tələsirdi. Qubernatorun gəlməsi, Hacının hərəm otağında şadlıq yerinə qəmli bir ixtilaf çıxartdı. Hacının xanımı, səhərdən bəri bəzək otağında məşğul idi. O, ziyafətdə iştirak etmək üçün bütün günü əlindən gəldiyi qədər bəzənmişdi. Lakin knyakinyanın ziyafətə gəlməməsi xanımı da bu ziyafətdə iştirak etməkdən məhrum elədi. Xanım knyakinyanın gəlməyəcəyini eşidər-eşitməz şkafın yanına yüyürüb özünü zəhərləmək istədi, ona mane oldular. Birdən özündən getdi. Qulluqçular onu yatağına qoydular. Hənifə xanım da Hacının ricasına görə onun yanında qarovul durdu. Ziyafət xüsusi ziyafət idi. Orada qadınlar iştirak etmirdilər. Qadın namınə ancaq on səkkiz nəfər gözəl qulluqçu qız iştirak edirdi. Bufet qabağında danışılan sözlər adi və şərab qədəhinə məxsus sözlər idi. Lazımi söhbətlər süfrə başına saxlanmışdı. Saat on iki zəngini vurdu. Bakı əyan və nücəbası əziz qonağın quyruğuna düzülərək yemək stolu başına oturdular. Qubernatorun sağ tərəfində Hacı, sol tərəfində isə Hacı Nemət Səidov, onların yanında da Murtuza Muxtarov, İsmayıl bəy Səfərəliyev, Kəblə İsrafil Hacıyev, Məmməd Həsən Hacinski, Hacı Rəsul oğlu Hacı Mustafa, Əlimərdan bəy Topçibaşev, Ağa Yusif Dadaşov, mühəndis Behbudov, Əsəd bəy Səlimxanov, Molla Qasım oğlu Məmməd, Hacı Aslan və sairləri oturmuşdular. Bufet müdiri qubernatorun qədəhini doldurduğu vaxt Hacı da: «Mənə bir lərzan gətirin» dedi. O, Hacı Nemətin və Hacı Aslanın yanında şərab içmirdi. Xörəklər süfrəyə verildi. Hacı ilə qubernatorun qabağına xırda tavalarda qoyulan məzə tamamilə başqa bir məzə idi. Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu: – Hacı, bunu nədən bişirmişlər? Hacı, Əlimərdan bəy Topçubaşevə dedi: – Mən necə ki, ərz eləyəcəyəm, sən də elə qubernator ağaya tərcümə edərsən. Bu xörək quzunun beyni ilə ciyəridir. Bunu limon içində bir gün saxlayıb, sonra da yağda qızartmışlar. Mən iki il bundan qabaq Berlində professor Şeldinberqin yanında müalicə olduğum vaxt o mənə bu xörəyi tez-tez yeməyi məsləhət görübdür. Onun dediyinə görə, bu xörək qocalığın qabağını alır, bəzi qüvvətləri də artırır, tükləri də qaraldır. Qubernator gülərək: – Mən Şərqdə bu ləzzətdə xörəyi birinci dəfədir ki, yeyirəm, — dedi. Hacı qayırma dişlərini dili ilə tərpədərək güldü: – Hərgah bu xörəyi əlli il bundan qabaq yesəydim, əlli il də artıq yaşardım, — dedi. Hər qədəh üçün başqa bir məzə gətirilirdi. Qora suyu içində saxlanmış cücə ürəkləri yeyildiyi vaxt Hacı dedi: – Bunu Karlsbadda müalicə olunduğum zaman professor Fridrix Şildatter mənə məsləhət görmüşdü. Özü də yaxşı nəticə verir. Hər iki qonağın başı üstündə bir nəfər qız durub sifarişləri qəbul edirdi. Hacı ilə qubernatorun sifarişlərini qəbul edən Jenya idi. Qulluqçu qızlar əllərində bloknot sifarişləri yazırdılar. Jenya isə danışılan söhbətlərin notunu qeyd edirdi. Ağa Murtuzanın şərəfinə içiləcək piyalə üçün gətirilən məzə, Ağa Murtuzanın həmişə yediyi xörəkdən idi ki, bu da Şəki sumağına basdırılmış qırqovul döşündən ibarət idi. Ağa Murtuza ayrı şey yeməzdi. Hacı arabir qubernatorun qulağına pıçıldayaraq soruşurdu: – Vəziyyət necədir? Allaha şükür, səlamətlikdir ki? Qubernator da onun qulağına pıçıldayırdı: – Vəziyyət ağırdır. Tətilləri və inqilab hərəkatını yatırmaq üçün böyük zəhmətlər tələb olunur. Xüsusən Bakının müdafiəsi üçün ayrıca tədbirlər lazımdır. Burada sizin köməyinizə ehtiyac vardır. Yerli xalq arasında sizin nüfuzunuz çoxdur. O, sözünü qurtaran kimi qırqovul döşünü çəngəl ilə ağzına dürtüb, ağ dəsmal ilə də bığlarını sildi. Hacı daxiliyyə nazirinin məktubu haqqında geniş arzular bəsləyirdi. Onu tez oxumağa, tez görməyə tələsirdi. Qubernator qırqovul döşünün ləzzətini, Murtuza Muxtarovun müsəlman xalqı içərisində olan əhəmiyyəti ilə birlikdə qeyd etdi. Qubernatorun təklifinə görə ümumi qonaqların şərəfinə ancaq bir qədəh içilməli idi. Bu təklif içkini qurtarmaq demək idi. Süfrəyə plov verilməyə başlandı. Hər kəs nə cür xörək yemək istəyirsə, onu da sifariş verirdi. Hər kəsin xörəyi verildi: Hacı Aslanın qabağına bir kasa kuşvara, molla Qasım oğlu Məmmədin qabağına da bir qab xəmraşı qoyuldu. Hacı qubernatora dedi: – Əslinə baxsan, hər kəsin bir adəti var, məsələn, bakılılar heç vaxt xəmir xörəksiz ötüşə bilməzlər. Qonaqlar süfrə başından qalxıb xüsusi salona keçdilər. Qubernatorun xüsusi katibi portfeli gətirdi. Qubernator əlini uzadıb, dörd tərəfi surquçla möhürlənmiş bir paket çıxartdı və: – Bu məktub daxiliyyə nazirinin öz əli ilə yazılmışdır, — deyə Hacıya verdi və Hacını təbrik elədi. Hacı bir neçə kərə paketin o tərəf-bu tərəfinə baxdıqdan sonra: – Mənimlə danışmır, — deyib onu Əlimərdan bəy Topçibaşevə verdi. Əlimərdan bəy gözlüyünü taxıb məktubu nəzərdən keçirdikdən sonra: – Bu yazını sadə adamlar yaza bilməz. Bunu ancaq böyük bir hökumət kişisi yaza bilər! — deyə qubernatorun qarşısında hökumətə öz səmimiyyətini göstərmək istədi. Məktubun oxunmasını təklif etdikdə, Hacı etiraz etmədi, buna görə də məktubu Əlimərdan bəy oxumağa başladı: Hörmətli cənab! Sizin səmimi dostunuz, eyni zamanda bizim hörmət bəslədiyimiz Bakı qubernatoru paytaxta unudulmaz xatirələrlə gəlmiş və bizə sizin dostluq salamınızı gətirmişdi. Onun bizə gətirdiyi salamın həqiqi mündərəcəsi sizin imperator hökumətinə bəslədiyiniz səmimiyyətdən ibarətdir. Sizin bizə göndərdiyiniz dostluq məktubu daxiliyyə nazirliyinin müsəlman xalqına olan müsbət duyğularını bir daha canlandırmış oldu. Müsəlmanlar, Rusiya imperatorluğuna daxil olan yüz əlli milyonluq təbəənin içərisində, indi deyil, yüz ildən bəri dövlət üsuli-idarəsinin tərəfdarlığı ilə məşhur olan yekanə bir xalqdır. Xüsusən Qafqaz müsəlmanları, başda siz cənab olmaq üzrə, özlərinin hökumət adamları ilə bir işləmələri və siyasətə qarışmamaları, dövlət əleyhdarlarına mənfi nəzərlə baxmaları ilə şöhrət tapmışlar. Qafqazda baş vermiş bütün siyasi hadisələrdə müsəlmanların hökumət tərəfində durduğu mülahizə olunmuşdur ki, bu da sizin müsəlman xalqı üzərindəki atalıq nüfuzunuzla əlaqədardır. Buna görədir ki, hökumət, Qafqazda müsəlman xalqının rahatlığını poza biləcək və müsəlman nücəbasının iqtisadi inkişafına mane olacaq bir qüvvəyə qarşı amansız mübarizə aparmaqla, sizin nüfuzunuz altında olaraq səadətlə yaşayan müsəlmanları müdafiə edəcəkdir. Bu məsələ haqqında sizin səmimi dostunuz olan Bakı qubernatoruna xüsusi tapşırıqlar da verilmişdir. Rusiya hökuməti, hökumətin etimadını qazanmış dinc müsəlmanlara qarşı üstünlük qazanmaq istəyən xırda millətlərlə amansız mübarizə aparacaqdır. Cənab Hacı, öz millətinin rahatlığını təmin etmək üçün, hərbi və mülki məmurlardan hər cür kömək almaq səlahiyyətinə malikdir. Eyni zamanda, hökumətimiz də, milli qəhrəmanlığın unudulmaz tarixinə malik olan müsəlmanların köməyinə və hökumət quruluşunu müdafiə üçün fədakarlıq göstərməsinə möhtacdır. Hörmətli əlinizi sıxmaq Nakaşidze cənablarına təkrar olaraq tapşırılmışdır. Daxiliyyə naziri imzası yerinə D. Qrişin». Peterburq, 14 yanvar, 1905-ci il. Məktub Hacını həddindən artıq şadlandırdı, lakin nazirin özünün imzalamaması Hacını ruhdan saldı. Məktubun ümumi bir məktub olduğu, bir çoxlarına göndərildiyi, ancaq adlarda fərq olduğu Hacıya aydın deyildi. Hər halda Hacı bu məktuba qarşı təşəkkür etməyə bilməzdi. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı: – Burada oturanlar müsəlman ruhunun şirəsidirlər. Biz yalnız öz tərəfimizdən — Bakı müsəlmanları tərəfindən deyil, bütün Qafqaz müsəlmanları tərəfindən danışırıq. Mənfəətləri hökumətin mənfəəti ilə əlaqədar olan müsəlman nüçəba və əyanları bütün namuslu müsəlmanları ələ alıb hökumətlə əlbir işləməyə söz verirlər. Biz məmləkəti sülh və səlamət içərisində idarə etmək üçün çalışan yerli və mərkəzi hökumət aparatının hər bir təşəbbüsünə kömək etməyə hazırıq. Hərgah hökumət müsəlman namusunun müdafiəsi üçün təşəbbüsdə bulunur və daşnakların Bakıya silah gətirməsinə qarşı mübarizə aparırsa və silahlanmağa qarşı silahsız müsəlmanların qeydinə qalırsa, biz heç vaxt bu məhəbbəti əvəzsiz buraxmayacağıq. Hərgah hökumət daşnakların hazırlığına müsəlmanların verdikləri mənanı verirsə, onların bizə hücum etmək məqsədini yəqin edir və bunun əleyhinə çıxmaq istəyirsə, müsəlman xalqına da geniş və azad hərəkət ixtiyarı verməlidir. Hacı sözünü bitirdi. Nakaşidzenin qanlı gözlərindən bu çıxışdan razı qaldığını oxumaq olurdu. Əlimərdan bəy Jenyanın gətirdiyi şəkərə doğranmış, limonu ağzına qoyub sözünə başladı: – Burada oturanlar Qafqaz müsəlmanlarının rəhbərlikedici qüvvəsidir. Hacı burasını olduqca aydın və düzgün göstərdi. Cənab qubernatorun özü də bilir ki, burada oturan ziyalıların mədəniyyətinin hamısı, rus mədəniyyətinin məhsuludur. Biz rus mədəniyyətinin xalqımıza nə kimi səviyyələr və mədəni səlahiyyətlər verdiyini gözəlcəsinə bilirik. Buna görə də biz çar üsuli-idarəsi əleyhinə çıxan qüvvələrin birinci düşməni olmalıyıq. Bu təbii bir haldır. Biz öz xalqımızın rus üsuli-idarəsi və rus mədəniyyəti və daha açığı, rus mənafeyinin tələbləri üzərində yaşamasını başqa üsuli-idarələrdə yaşamasından əlverişli bilirik. Biz cənab qubernatora demək istəyirik ki, rəhbərlikedici təbəqənin göstərişlərinə itaət edən və hökumət üsuli-idarəsinə boyun əyən bir millət varsa, o da müsəlman xalqıdır. Xüsusən Qafqaz müsəlmanları, İran tərbiyəsi təsirində olduqları, iranlılarla adət və ənənə cəhətincə bərabər yaşadıqları üçün öz başçılarına qarşı itaət göstərməkləri ilə məşhurdurlar. Onlar bunu bütün hərəkətlərində isbat edib, özlərini tanıtmışlar. Bu xüsusiyyət Mərkəzi və Qərbi Rusiyada yaşayan millətlərin heç birisində yoxdur. Müsəlman xalqı başıpozuqluğa və üsyançılığa öyrənməmişdir. Burada din və şəraitin də böyük rolu vardır. Ümumiyyətlə bizim dinimiz müsəlmanları padşahın itaətində olmağa dəvət edir. Hər halda qubernator cənabları mərkəzi hökuməti əmin etməlidir ki, Bakı nüçəbası və Bakı ziyalıları bir yığın sosialistlər və onların ən sol qruppası olan bolşeviklərlə mübarizədə aciz deyillər. Lakin burada mühüm bir amil vardır ki, o da bizim bolşeviklərlə apardığımız mübarizə işinə mane olur. Bakıda mütəşəkkil, hətta bütün burada olan millətlərə qarşı üstünlük siyasəti aparan daşnaklar vardır. Erməni burjuaziyası, erməni taçirləri Tiflisdə gürcü burjuaziyasını, gürcü taçirlərini səhnədən çıxarıb ölkədə ağalıq etməyə başladıqları kimi, Azərbaycanda da, hətta onun mərkəzi sayılan Bakı şəhərində də hücuma keçmişlər. Onlar Bakı ticarətinin, Bakı neftinin, Bakıdakı möhtəşəm binaların səksən faizini mənimsəmişlər. Onlar az vaxtdan sonra Bakı sərvətdarlarını tamamilə sıxışdırıb aralıqdan çıxarmağa tələsirlər. Hazırda silah olmadan da, küllə açılmadan da müsəlman sərvəti ilə erməni sərvəti baş-başa vurmaqda və döyüşməkdədir. Hərgah hökumət buna imkan vermiş olarsa, müsəlmanlar özləri üçün bir fəxr saydıqları öz burjuaziyasını, dövlətlilərini, taçirlərini müdafiə etməkdən aciz deyillər. Müsəlmanlarda qiymətli bir əhvali-ruhiyyə vardır ki, o da öz dövlətlisi və öz milyonçusu ilə fəxr etməkdən ibarətdir. Biz, müsəlmanları bu əhvali-ruhiyyə ətrafında toplayıb, bu sayaq tərbiyə etməyə çalışmışıq. Biz çox təlaş və zəhmət sayəsində «hər millətin öz milli burjuaziyası olmalıdır» düşüncəsini müsəlman xalqının beynində yerləşdirmişik. Hazırda müsəlmanların böyük bir hissəsi erməni və başqa millətdən olan sərvətdarın müəssisələrində yuxarı qiymətə işləmək əvəzinə, müsəlman müəssisələrində aşağı qiymətə işləməyi sevirlər. Lakin bolşeviklər burada bizə ənkəl törədirlər. Son tətillərdə müsəlman fəhlələri də əksəriyyətlə iştirak etdilər. Ona biz şübhə etmirik ki, bu xüsusiyyət erməni fəhləsinə aiddir. Müsəlman fəhləsi ilə erməni fəhləsinin arasında böyük bir fərq vardır ki, o da siyasi məsələlərdədir. Erməni fəhlələri siyasətə nə qədər çox qarışırsa, müsəlman fəhlələri bir o qədər uzaq durur. Yenə də qeyd edirəm ki, bolşeviklər bu barədə də ciddi iş aparırlar. Müsəlman fəhləsi erməni fəhləsinə görə siyasi cəhətcə o qədər də xəstələnməmişdir. Bunu isbat etmək üçün sosial-demokratların sırasını gözdən keçirməliyik. Burada müsəlmanların sayı ermənilərdən əlli faiz azdır. Müsəlman fəhləsi inqilab sırasında gözə çarpırsa, o da bolşevik fəaliyyətinin nəticəsidir. Bolşeviklər fəhlələrin milli ruhda tərbiyələnməsini poza bilmişlərsə də, kəndlilərə hələ az təsir göstərə bilirlər. Lakin bunu da qeyd etmək lazımdır ki, sosial-demokrat ideyalarının pozucu mikrobları 1898-ci ildən bəri bəzi şəhər ziyalıları içərisinə də girə bilmişdir. Yuxarıda göstərilən tarixə qədər əhali inqilab, tətil, siyasət və iqtisadi tələbin nə olduğunu bilməzdi. Biz əvvəllərdə müsəlman fəhlələrinin tətil düzəldənlərlə vuruşduğunu görmüşdük, lakin bu xüsusiyyət nə erməni, nə də rus fəhləsində görülmüşdür. Bolşeviklərin zühuru, yerli hökumətin bu hərəkata qarşı soyuqqanlılıqla baxması demək olar ki, müsəlman fəhlələrini də ümumi kütləyə qatdı. Biz bu hadisədən o qədər də qorxmamalıyıq, çünki dinə, dövlətlilərə və hökumətə hörmət bəsləyənlər daha çoxdur. Əlimərdan bəy sözünü bitirdikdə qubernator dedi: – Bunların hamısı nəzərə alınmışdır, hökumətin qüvvəsi hökumətə sadiq qalanların arxasındadır. Söhbətlər qurtardı. Qubernator hacıya gətirdiyi məktubun birini də erməni burjuaziyasına təslim etmək üçün gedəcəkdi. * * * Montin yoldaşın mühakiməsi Fevral ayının üçü idi. Bakı fəhlələrinin keçirdiyi həyəcanlı və iztirablı günlərin ən birincisi idi. Belə bir həyəcan ancaq 1902-ci ilin sentyabr ayında bir dəfə Lado tutulan gün, bir dəfə də o, etap ilə Tiflis şəhərinə göndərilən gün baş vermişdi. Bu gün hər kəs bir cür danışırdı: – Bu gün Tiflisdən gələn məhkəmə palatasının iclası olacaqdır. – Amma hayıf oğlana, misli-bərabəri olmayan bir oğlandır! – Kaş bizim əlli nəfərimizi Sibirə göndərəydilər, amma ona bir şey etməyəydilər! – Çar köpəkləri kimi tutmağı, kimi məhv etməyi çox yaxşı bilir!.. – Sən öləsən, candan keçib girəsən içəri, yəni məhkəmə köpəkləri oturan yerə, bir dənə bomba buraxasan, nə olar! – Qorxma, çar köpəklərinin gücü ona çatmaz! Vaxt o vaxt deyil. Xalq hərəkatının və fəhlə inqilabının ən qızğın bir vaxtında hökumət Montini dustaqda saxlaya bilməyəcəkdir! – Sən deyən olsaydı... – Bilmirəm, Montini bir də öz aramızda görə biləcəyikmi? – Bir də onun parlaq gözlərinə baxacağıqmı? Pavluşa, Vasya, Əsgər və yoldaşları bir tərəfdə durub gözlərini məhkəmənin qapısına dikmişdilər. Gorodovoylar, Jandarmlar məhkəmənin ətrafına toplanmış kütləni araladı, dəstələr bir-birinə qarışdı; bəziləri geri çəkilir, bəziləri isə kazak qamçılarına etina etmədən irəli soxulurdu. Qadın, kişi, gənc, qoca irəli yüyürür, nə hadisə baş verdiyi ilə maraqlanırdı. Yolu təmizlədilər. Bir dəstə saldat Montini həbsxanadan məhkəməyə gətirirdi. Yenə də kütlələr arasında danışıqlar başlandı, dostlar da, düşmənlər də, dost-düşmən olmayanlar da danışırdılar. Vəziyyətdən xəbərdar olmayan Azərbaycan qadınları belə hayıfsılanırdılar: – Bax! Bax! İradəsinə bax! Elə bil məhkəməyə yox, toya, kef məclisinə gedir. – Buna Montin deyərlər! Dəyirmanın boğazına salsan, diri çıxar. – Dünyanı bir-birinə vurdu, daha buradan qurtara bilməz! – Sənin cibinə nə girəcəkdir? Elə qoyaq ki, onu asdılar və ya Sibirə göndərdilər, sənə bir qəpik mənfəəti vardırmı? – Mənə mənfəəti olmasa da, müsəlman qardaşlara ki, mənfəəti vardır. – O, müsəlmanlara nə yamanlıq eləyib? – Bolşevik deyilmi? Gündə bir qalmaqal çıxarıb xalqı rahatsız edənlərin yoldaşı deyilmi? – Varlıları, mağazaçıları, buruq sahiblərini! – Axmaq! Niyə demirsən xalqın qanını soranları! – Ada, ona baş qoşma! Görürsən ki, anlamır. – Anlamaz özünsən! – İçəri girə bilsəydik... – Anaçığazın ölsün, səni bu gündə görməsin, yazıq oğlan! – Əlbət ki, yazıq! Bunun da yəqin anası vardır, bacısı vardır. – Bəs bu yazığı nə üçün tutublar? Bu biçarədən nə istəyirlər? – Bu hökuməti, dövlətliləri istəməyənlərin yoldaşıdır. – Allah ona kömək eləsin. Dövlətlilərimiz köpək uşağına rəhm edilməli deyil. Onlardır bizi bu günə qoyan! Elə birisi bizim qonşumuz Hacı Nemət. Qapıda it bağlayıb ki, həyətə dilənçi girməsin. Söhbətlər çox uzandı. Mübahisələr döyüşə, söyüşə qədər çıxdı. Hər kəs fikrini deyir, Montinə, özü bildiyi bir şəkil və sima verməyə çalışırdı. Bayırda bu söhbətlər davam etdiyi vaxt, məhkəmə ittihamçısı stolun dalında dururaq, müttəhimlər kürsüsündə oturan gənc Montinin təqsirlərini oxuyur və deyirdi: – «Ağalar! Cənablar! Müttəhimlər kürsüsündə oturan Pyotr Vasilyeviç Montindir! 1882-ci ilin yanvarında Tiflisin altmış verstliyində Ağbulaq kəndində doğulmuşdur. Müqəssir Pyotr, Çuquretdə ibtidai məktəbdə oxumuşdur. Müqəssir Pyotr ibtidai məktəbi bitirdikdən sonra Aleksandrovski müəllimlər institutu yanında olan məktəbdə oxumuşdur. Müqəssir Pyotr bu məktəbi bitirmədən on yeddi yaşlarında ikən Tiflis dəmiryol emalatxanasına işə girmişdir. Ağalar, cənablar! Müqəssir Pyotr burada olan inqilabçı fəhlələrlə görüşür və əlimizdə olan müəyyən vəsiqələrə görə, inqilabi işlərdə çalışmağa başlayır. Əldə edilən vəsiqələrə görə, Montin sosial-demokratlarla, yəqin xaricdən Lenin tərəfindən göndərilən iskraçılarla əlaqəyə girir və gizli ədəbiyyatı öz otağında mühafizə edir. Jandarm idarəsinin verdiyi məlumata görə Pyotrun evində iskraçıların iclası da olmuşdur. O, polisdən qaçanları da öz otağında gizlədirmiş. Müttəhim Pyotrun ən mühüm günahlarından birisi də onun Tiflis şəhərinin on iki verstliyindəki Olkinski kəndində yaşayan Mengrel alayının soldatları ilə hər gün söhbət etməsi və onları hökumətə qarşı ayağlandırmasıdır. Jandarm idarəsinin verdiyi raportlara görə, müttəhim Pyotr, 1900-cü ildə Kars dəmir yolunda imtahan parovozlarını idarə etdiyi vaxt həmişə hökumət əleyhinə proklamasiyalar daşıyırmış. Müttəhim Pyotr bununla da kifayətlənməyərək öz qonşularında və camaat toplandığı yerlərdə zərərli nitqlər deyirmiş. Ağalar, cənablar! Sizin hüzurunuzda oxuduğum materiallara əsasən 1902-ci ilin on üç aprelində hökumət müttəhim Pyotru tutmuşdur. Ağalar, cənablar! Müttəhim Pyotr Tiflisdə Metex qalasında üç ay saxlandı. İstintaq zamanı verilən suallara cavab verməkdən boyun qaçırdı və cürətlə dedi ki: «Mən heç bir suala cavab verməyəcəyəm». Müttəhim Pyotrdan heç bir cavab ala bilməyən polis idarəsi onu azad etməyə məcbur oldu. Lakin Pyotr Vasiliç Montin daha Tiflisdə qala bilmədiyindən və yaxud gizli hərəkətdə iştirak etdiyi üçün 1903-cü ilin əvvəllərində Bakıya gəlir və Qaraşəhərdə Əlibəyovun kanat fabrikində işə girir. Burada müttəhim bir az işlədikdən sonra Bakı inqilabçıları ilə tanış olur və gizli işlərdə ciddi iştirak edir. Bakı polisinin arxivində olan materiallara görə, müttəhim Pyotr Bakıda vaqe olan 1903-cü il iyun tətillərinin birinci müqəssirlərindəndir. Bakı polisi məcbur olub 1903-cü ilin avqust ayının on birində, sizin gözünüzün qabağında oturan Montini tutur. Ağalar, cənablar! Yenə də həmin Pyotr istintaq zamanı cavab verməkdən boyun qaçırdı. Hökumətin buna rəhmi gəldi; bunun cavanlığını və kəndli ailəsində doğulduğunu nəzərə alıb, bir qədər pul da təklif elədi. Hökumət onu azad etmək şərtilə özünə nəqd mükafat verilməsini və bunu yoldaşlarına deməməsini təklif elədi. Ağalar, cənablar! Baxın bu xain, hökumətin mərhəmətinə qarşı necə rəftar etdi! Əlində pul tutan və onu Pyotra vermək istəyən pristavı təhqir etdi. Yaxına gəlib pulu almaq bəhanəsi ilə pristavı sillə ilə vurdu». İttihamçının bu sözündən sonra, salonda oturan varlılar, məmurlar və ziyalılar arasında təəccüblü səslər eşidilməyə başladı: – O asılmalıdır! Pristavı vurmaqmı? Buna imkan verilərmi? – Özü də vəzifə başında! Padşahın şəklinin qabağında!.. – Vəhşi və tərbiyəsiz bir adamdır! Bunların əlindən hər nə desən gələr... – Bunu indiyə kimi diri qoymağın nə mənası vardır? – Heç də anlaya bilmirəm!.. – Öz əlim ilə bunu tikə-tikə doğrasam, yenə də ürəyim soyumaz! – Təqsir özünüzdədir! Bir gədənin birinə əlli manat verə bilməzsinizmi ki, bir gecənin içində şərrini başınızdan uzaqlaşdırsın?! – Əlacımız da ancaq ona qalıbdır. Bu pıçıltılar davam etdiyi vaxt Montin salona göz gəzdirib orada oturanları siniflərə və təbəqələrə ayırmaqda idi. Salonda Bakı baqqallarından başlamış fabrik-zavod sahiblərinə qədər bütün təbəqələrdən adam var idi. Ziyalılar, hökumət məmurları, hətta təqaüdə keçən qoca məmurlar və gorodovoylar da görünürdü. Məhkəmə salonunda ən az yer tutan Montinin əqidə yoldaşları idi; onların çoxunu içəri buraxmamışdılar. İttihamçı sözünə davam edərək deyirdi: – «Ağalar, cənablar! Hüzurunuzda müqəssir skamyasında oturan Pyotr Montin pristava qarşı etdiyi ədəbsizliyin nəticəsində il yarıma qədər müxtəlif dustaqxanalarda istintaq olunmadan qalmışdır. Nəhayət, müqəssir Lənkəran dustaqxanasında olduğu kameradan lağım atıb qaçmağa müvəffəq olmuşdu. Qaçmışdısa da, hökumət onu yenə də tutmuşdu. Hökumət daha onu Lənkəranda saxlamayaraq 1904-cü ilin 11 mayında Şamaxı dustaqxanasına göndərmişdir. Müttəhim Pyotr oradan da qaçır. Lakin yolda yenə də tutulub dustaqxanaya salınır». Ağalar, cənablar! Hazırda təqsirlərini eşitdiyiniz bu müqəssirin mühakiməsidir. Buna görə də mən necə ki, bir dövlət ittihamçısı, tərbiyələndirilməsi mümkün olmayan Pyotrun ağır bir cəza ilə cəzalandırılmasını təklif edirəm. Alqış səsi məhkəmə salonunu bürüdü, lakin bu gurultu Montinə heç də təsir etmirdi. Belə məhkəmələri o bir necə kərə görmüşdü; onun əqidəsini bu kimi gurultular sarsıda bilməzdi. * * * Bakı Komitəsinin xətti-hərəkəti Montinin yoldaşları məhkəmə qapısında durub onu gözləyirdi. Salonun qapısından çıxanlar danışır, üzlərindən narazılıq tökülürdü. – Vallah, billah, işləri xarab eləyən hökumətin özüdür! – Əlbəttə ki, özüdür! Haramzadanın birisi dünyanı vurub bir-birinə; padşahın pristavını bihörmət edib, necə dəfə dustaqdan qaçıbdır, buyurun görək, belə bir adamı azad buraxmağın nə mənası vardır? – Hökumət başına nə gül töksün? İnqilab hərəkatı bütün Rusiyanı yerindən qopartmaq istəyir. Hökumət haramzadaları bir cür sakit etməyə çalışır. Buraxmasın nə eləsin, bayırdakılar dinc dururmu? – Belədir, hər adam bunun mənasını anlamaz! Bu gün lazım olsa azad edər, sabah yenə də lazım olarsa tutub qalaya soxar. Bu söhbətlər gedərkən Montin məhkəmə qapısından çıxıb yoldaşlarına tərəf gəlirdi. Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra Montin yoldaşları ilə birlikdə erməni-müsəlman qırğını haqqında buraxılan şayiələri müzakirə üçün çağırılmış iclasa getdi. İclasda aparılan müzakirələr nəticəsində hökumətin erməni-müsəlman qırğını hazırlamaqla, inqilab hərəkatını qardaş millətlərin qanı ilə boğmaq istədiyi meydana çıxdı. İclas erməni və Azərbaycan dilində intibahnamələr çap etmək, iki millətin arasında izahat kampaniyaları aparmaq, hökumətin bu cinayətini ifşa eləmək qərarına gəldi. İclas qurtardı. Hamı iclasdan birlikdə çıxdı. Vasya intibahnamə buraxılmasının əleyhinə idi. Onların hamısı birlikdə Sabunçuya getməli idilər. Sergey Vasiliçi görmək lazım idi; onun xəstəliyi şiddətlənmişdi, daha yerindən qalxa bilmirdi. Vasya Sergey Vasiliçin evində yenə də söhbəti erməni-müsəlman qırğını məsələsi üzərinə qaytarıb: – Mən razı deyiləm, — dedi. — Mən elə bilirəm ki, erməni-müsəlman hadisəsi baş verə bilməz. Belə bir şey olsaydı, onu daşnaklar və hınçakistlər hamıdan əvvəl bilərdilər. Ayrapet gülərək dedi: – Mən çox təəccüb edirəm ki, Vasya menşeviklərə inandığı kimi, daşnaklara da inanır. Şüurlu adam onlara inanarmı? Onlar xaindirlər, onlar bolşevik fəhlələri nüfuzdan salmaq üçün hər bir xəyanətlə barışa bilərlər. Mən sənin intibahnamə buraxmaq əleyhinə olduğuna heç bir məna verə bilmirəm. Vasya bu sözlərə etiraz edərək dedi: – Əsli olmayan məsələ haqqında intibahnamə buraxmağın və xalqın beyninə şübhələr yerləşdirməyin nə mənfəəti vardır? Bu belə olsa, hər iki millət bir-birinin əleyhinə hazırlıq aparar. Pavluşa da Vasyaya etiraz edərək: – Mən Bakı komitəsinin fikrini doğru hesab edirəm. Biz öz vaxtında fəhlələri xəbərdar etməliyik. Biz öz sözümüzü güllələr atılmadan qabaq söyləməliyik. Belə mühüm bir zamanda Bakı komitəsinin kütlələrə rəhbərlik etməsi tamamilə yerli və doğrudur. Kütləvi xainanə bir siyasət yürüdən hökumətin təbliğatı qarşısında rəhbərsiz qoymaq, onların kor-korana milli qırğına sürüklənməsinə soyuqqanlılıqla baxmaq misli görünməmiş bir cinayətdir. Bakı komitəsi bu məsələni vaxtında qarşılamalıdır. Qoy kütlələr bizi dinləməsin, sonra «Bakı komitəsi kütlələri xəbərdar etmədi» deyə məzəmmət edən də olmaz; Bakı komitəsinin doğru yol götürdüyü meydana çıxar. Qırğın başlandıqdan sonra işə başlamaq düzgün xətti-hərəkət deyildir. Hökumətin bu barədə hazırlıq aparmasına gəldikdə, bu o qədər də təəccüb ediləcək işlərdən deyildir, çünki çar hökuməti bu siyasəti Zaqafqaziyadan əvvəl bir çox yerlərdə həyata keçirmişdir. Rus-yəhudi və polyak xalqları arasında səpilən toxum, burada da səpilə bilər. Sergey Vasiliç də Pavluşanın sözlərini təsdiq edərək: – Bakı komitəsinin xətti-hərəkəti olduqca düzgündür, — dedi. — Mənə qalırsa biz yubanmışıq. Biz bu işi bir az da əvvəldən başlamalı idik. Sizə vəsiyyət edirəm: menşeviklərdən birdəfəlik əlaqəni kəsin. Milli partiyalara inanmayın! Əsgər danışdı: – Bu şayiələr çıxandan bəri mən Nobel mədən və zavodlarında çalışan fəhlələr arasındakı köhnə dostluğu görmürəm. Yoldaşlar bir-birini köhnədə olduğu kimi qarşılamırlar, salamlar çox ağızucu verilir. Bəzən yoldaşlar bir-birini görəndə özünü görməməzliyə vurur. Daşnaklar fəhlələri zəhərləmişlər. Mən dünən istirahət zamanı bu məsələyə çox diqqət verdim. Yoldaşlar əvvəldə olduğu kimi qarışıq oturmamışdılar. Erməni erməninin, azərbaycanlı isə azərbaycanlının yanında oturmuşdu. Onlar bir-birlərini danışdırdıqda və sual verdikdə ya etinasız cavab alır, ya da heç almırdılar. Yoldaşlar! Bu vəziyyət göstərir ki, bu şayiələr, fəhlələrin yoldaşlıq ruhunu zəhərləmişdir. Mən çox zaman demişəm, yenə də deyirəm: Vasya bəzən elə axmaq-axmaq danışır ki, adam bunun normal bir adam olduğundan şübhələnir. Vasya görmürmü ki, avam fəhlələr bu şayiələrin səbəbini hökumətdə deyil, bir-birində axtarırlar? Mən bütün vicdanımla deyirəm ki, hökumətin bu xəyanəti təsirsiz qalmamışdır. O şayiələr fəhlələrin ruhunu zəhərləmişdir. Vasya təbii halından çıxmışdı. O, Əsgəri danlamağa hazırlaşırkən Jenya içəri girdi. Ona görə də Vasya öz sözlərini deyə bilmədi. Jenya Sergey Vasiliçin yatağının yanına gəlib onu öpdü, sonra anasını öpərkən anası: – Bu gün Jenyanın anadan olan günüdür, — dedi. Jenya gətirdiyi şeyləri stolun üstünə qoydu. Məmməd, Əsgər və Ayrapetlə görüşdü, Pavluşa ilə Vasyaya heç əhəmiyyət də vermədi, əllərini də sıxmadı. Soyunmaq üçün içəri otağa keçdi. Bundan istifadə edən Pavluşa və Vasya ayağa qalxıb getmək istədilər. Sergey Vasiliç onlarla Jenya arasında olan ixtilafı bilirdi, buna görə də onları səslədi: – Ey uşaqlar, oturun! Bu gündə doğulanın xatirinə oturmaq istəməsəniz də, bu günlərdə ölməyə hazırlanan yoldaşınızın xatirinə oturun! Nə Pavluşa, nə də Vasya danışdı. Öz yerlərində oturdular. Bir azdan sonra Jenya da gəlib anasının yanında oturdu, Məmməd və Əsgərlə söhbətə başladı. – Yoldaşlar nə haldadırlar? Əsgər: – Hamısı buradadır, — dedi, — gərək ki, kefləri də yaxşıdır. Sənin kefin necədir? – Necə olacaqdır? Orada çalışıram, ürəyim isə buradadır. – Eybi yoxdur. Orada işləməyin də lazımdır. Pavluşanın fikri keçmişlərdə gəzirdi. O, Jenya ilə həmin bu evdə keçirdiyi günləri, saatları, hətta dəqiqələri xəyalından keçirirdi; onun qabağında səmimi, nəvazişkar, eyni zamanda qorxmaz və inadkar Jenya durmuşdu. Jenya çay stəkanlarını stolun üstünə qoyarkən yenə də Vasya ilə Pavluşa qalxıb getmək istədi. Bu dəfə Jenyanın anası bunlara mane olub əyləşdirdi. Çay içildi. Nahar yeməyini də birlikdə yedilər. Sergey Vasiliç Ayrapetə dedi: – Ayrapet, sən bu uşaqları barışdır. Hansı birisi müqəssirsə, özəyə ver, qoy təşkilat onu intizam altına alıb düzəltsin. Jenya qəti bir səslə dedi: – Mən buna razıyam. Vasya Pavluşadan qabaq cavab verdi: – Onda sən qazanmazsan, yazıq olarsan. – Yazıq olan ancaq anlamayanlardır! Pavluşa: – Sən inadçısan, — dedi. – Mən inadçıyam, lakin mənim inadım Vasyanın inadı kimi boş deyildir. Mündəricəsiz və prinsipsiz inadın cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Vasya partiya tərbiyəsini və partiya intizamını mənimsəməkdən acizdir. O, həyatda hər şeyi təhrif edən və hər şeyi əyri görən bir ünsürdür. O, partiyalılıq işini də təhrif edir, yanlış anlayır, onu öz düşüncəsilə ölçür. Vasya bütün diqqətini iş yaratmağa deyil, yersiz sözlər yaratmağa sərf etməkdədir. Məni görən zaman sözünü gizlədir, ən adi bir sözü bitərəflərin yanında oğru kimi danışır, bunu da o, partiya tərbiyəsi və partiya taktikası hesab edir. Mən Vasyanı bir çox dəfə simasızlıqda təhmətləndirmişəmsə, o, mənim səhvimdir. Mən 1904-cü ilin fevralından başlayaraq Vasyanın simasını tamamilə aydınlaşdıra bilmişəm. Vasya özünü saxlaya bilməyib acıqlı soruşdu: – Necə? Necə? 1904-cü ilin fevralında mən nə iş görmüşəm ki, sən də mənim simamı aydın etmiş olasan? Jenya çox soyuqqanlılıqla onun cavabını verdi: – Heç qızışma, qışqırma da. Mən Pavluşa deyiləm, sən onun üstünə qışqıranda sözünü yadından çıxartsın. – Mənə də Vasya deyərlər! Bununla məsələ həll olunmur. Birisinin simasını göstərmək üçün isbat və vəsiqələr lazımdır. Jenya dedi: – Onların hamısı vardır. Məni yaxşı eşit: o zaman ki, Zaqafqaziya bolşeviklərinin təşkilatını düzəltmək məsələsi dururdu, o zaman ki, menşeviklərin əleyhinə mübarizə başlanmışdı, o zaman ki, partiyanın III qurultayını çağırmaq uğrunda menşeviklərdən tamamilə ayrılmaq siyasətini müdafiə etmək lazım idi, sən Vasya nə iş görürdün? – Necə nə iş görürdün? – Sən o zaman leninçi bolşeviklər təşkilatı düzəltmək uğrundakı mübarizəyə nə kimi kömək edirdin? Menşevik hərəkatına kor-korana qoşulan Bibiheybət fəhlələri arasında işlədiyimiz vaxt və Montinlə bərabər şendrikovlara atəş açdığımız bir zamanda sən Vasya bir necə kərə şendrikovlara qarşı çıxışda bulundunsa da, həmişə öz aramızda bizi tənqid edirdin. Sən menşeviklərdən ayrılmaq siyasəti ilə razı deyildin. Heç olmazsa sən bu günlər özünü göstərə idin. Bakıdakı menşeviklərlə inadlı mübarizə aparaydın. Sən bilirsən ki, üçüncü qurultayın çağırılması uğrunda gərgin mübarizə davam edir? Sən bilirsən ki, hazırda menşevik mərkəzi komitəsinin nümayəndəsi Qlebova Bakıdadır və menşeviklər bizə qarşı inadlı bir cəbhə düzəltmişlər? Sən Vasya, belə bir gündə nə işdəsən? Səndən soruşuram, cavab ver! Hansı bir müəssisəyə getdin? Hansı fabrikin fəhlələri arasında izahat kampaniyası apardın? Heç yerdə! Ağzına su alıb oturmuşsan, nə bolşeviklərin lehinə, nə də menşeviklərin əleyhinə bir söz danışırsan. Vasya ona acıqlı baxaraq dedi: – Başqalarından danışma, özündən danış, nə üçün hərəkatdan ayrıldın? – Mən hərəkatdan ayrılmamışam, hərəkatı yanlış anlayanlardan ayrılmışam. Mən Vasya kimi adamları sevmirəm. Özünü fövqəladə bir biliyə malik adam kimi göstərməyə çalışan, əslində tənbəl, sözbaz, biliksiz, hətta biliyini artırmaq istəməyən, siyasi biliyi cəhətdən savadsız, boş-boş fikirlərlə silahlanan yalançı bolşeviki görmək istəmirəm! Onun mübarizə apardığı düşmən, təpəsindən dırnağına qədər silahlanmışdır. Vasya gec-tez bizdən tamamilə ayrılacaqdır. Qarı arvadlar kimi söz gəzdirmək, eşitdiyi sözü dəyişdirib məqsədinə uyğun bir şəkildə demək, insanların qəlbini öyrənib onda öz pis söhbətləri üçün mövzu aramaq, öz yüksəkliyini başqalarının alçalmasında bilmək bolşevik işi deyildir! Vasya, məndən incimə! Sən hələ bolşevik ola bilməmişsən! Sən yarımçıq bolşevik olsaydın, yenə də dərd yarı idi. Sən hazırda bizdən ayrılmaq üçün son addımlarını atmaqdasan. Pavluşa, mən bu sözləri səni Vasyadan ayırmaq üçün demirəm. Siz Vasya ilə bu dostluğu uzun yaşada bilməyəcəksiniz. Səndə müstəqil bir düşüncə olsaydı, ya Vasyanı düzəldər, ya da ondan tamamilə uzaqlaşardın. Vasya nə qədər uydurucu, demaqoq bir adamdırsa, sən də bir o qədər tez inanan, avam, iradəsiz, şəxsi həyatında başqalarının fikrindən asılı olan bir bolşeviksən. Sən elə bilirsən ki, tək-tək partiya üzvlərinin fikri komitənin və təşkilatın fikridir? Belə deyil! Tək-tək fikirlər bir yerdə yığılıb partiyanın qəlbirindən keçəndən sonra bir həqiqi fikir halına düşmüş olur. Pavluşa birkərəlik bunu iqrar etməlidir ki, o hələlik Vasyanın iradəsindən asılıdır. Pavluşada bolşevikliyə yaraşan şəxsi təşəbbüs yoxdur. Vasya Pavluşanı bir hərəm qadını kimi azadlıqdan məhrum etmək istəyir. Pavluşa mənimlə görüşmək istəmir. İndi mən bu yoldaşların yanında Pavluşadan soruşuram: təşkilat bir kərə də olsa sənə qədəğən etmişdirmi ki, mənə qoşulmayasan? Mənim barəmdə ya partiya komitəsi, ya rəhbərlikedici yoldaşlardan birisi sənə rəsmi, ya qeyri-rəsmi bir söz söyləmişdirmi? Pavluşa cavab verdi: – Yox, təşkilat mənə heç bir söz deməmişdir. Vasya da danışdı: – Biz təşkilat üzvüyük, təşkilat tək-tək üzvlərdən ibarət deyildirmi? Jenya dedi: – İndi ki, elədir, o zaman sən Vasya öz sözünü təşkilat vasitəsilə deməlisən. Özbaşına olaraq təşkilat adından danışmağa haqqın yoxdur! Bolşevik təşkilatı başıpozuqlar təşkilatı deyildir. Sən də, Pavluşa da işinizi-peşənizi buraxıb məni öyrənirsiniz, məndən haqq-hesab istəməyə çalışırsınız. Tezdir hələ, sizin qüvvəniz buna qabil deyildir. Məni sizdən də əvvəl öyrənənlər vardır. Onlar sizin kimi savadsız da deyillər, mətanətsiz və iradəsiz də deyillər. Onların qəlbi də möhkəm, iradəsi də möhkəmdir. Təşkilatı idarə edənlər bizim hamımızı özümüzdən də gözəl tanıyırlar. Axşam qaranlıq düşüncəyə qədər oturdular. Jenyanın şəhərə qayıtmaq vaxtı yetişdi. Pavluşa iki fikrin arasında çapalayırdı: «Jenyanı şəhərə aparsınmı? Bundan Vasya açığlanmazmı?». Jenya paltosunu geydi. Getməyə hazırlandı. Anasını və atasını öpüb ayrılarkən Əsgərə dedi: – Əsgər yoldaş, məni şəhərə qədər ötür. Əsgər ilə Jenya getdilər. Pavluşa Vasyanın, Vasya da Pavluşanın üzünə baxa-baxa qaldılar. * * * Erməni-müsəlman qırğını başlandı 1905-ci il fevral ayının altısında çar hökumətinin çoxdan bəri hazırladığı xəyanət şayiələr şəklindən çıxıb, bir həqiqət şəklinə girdi. Baş verən böyük bədbəxt hadisə kiçik bir hadisədən başlandı. Bakıda 1905-ci ilə qədər adam öldürmək hadisələri adi bir şəkil almışdı. Erməninin müsəlmanı, müsəlmanın ermənini öldürməsinə heç vaxt milli şəkil və milli məna verən yox idi. Lakin çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün geniş bir zəmin hazırladı. Fevralın altısında Rəzi Babayevin bir erməni tərəfindən öldürülməsi erməni-müsəlman qırğınının siqnalını verdi. Ümumi vuruşma başlandı. Bakı komitəsi qırğının qabağını almaq üçün tez iclas çağırdı. İclasda qəti qərarlar çıxarıldı. Lakin bu qərarları həyata keçirmək üçün imkan yox idi. Briqadalar təşkili üçün lazım olan silah da tapılmadı. Bakı komitəsinin iclası bitdiyi zaman, şəhərdə şiddətli atışma gedirdi. Hökumət qırğına və atışmaya olduqca soyuqqanlılıqla baxırdı. Montin, yanında bir dəstə bolşevik olduğu halda şəhərin küçələrini gəzir, polisləri, polis müdirlərini məzəmmət edir, qırğının qabağını almağı tələb edirdi. Lakin onları dinləyən yox idi. Polis və jandarmlar hökumətin bu barədə verdiyi gizli əmrləri həyata keçirirdi. Şəhərin dördüncü polis dairəsi tamamilə atəş içində idi. Çar polisi, çar jandarmı, Bakının qoçularına, adam öldürənlərinə, milli əməl və milli arzunu öz şəxsi məqsədinin bir aləti etmiş olanlara, daşnaklara və başqa canilərə tam mənasilə azadlıq vermişdi. Hər tərəfdə atlı və piyada qoşun dəstələri dolaşır, hər tində qruppalaşmış jandarm və polis dəstələri gəzirdi. Bununla da erməni-müsəlman məsələsinin iç üzündən xəbərdar olmayan əhali atışmaları hesaba almayıb şəhər içində gəzirdi. Xüsusilə Parapet və Olkinski küçə bekar əhali ilə dolu idi. Atışma başlanmış küçələrdə güclü qoşun dəstələrinin və qruppalaşmış jandarm və polislərin gəzməsi əhalidə belə bir fikir əmələ gətirirdi ki, guya hökumət bu qırğının qabağını almaq üçün tədbir görmək istəyir. Buna görə də istər ermənilər, istərsə də müsəlmanlar vaxt ikən qaçıb öz evlərində gizlənməmişdilər. Məsələ xalqın düşündüyü kimi çıxmadı. Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. Hökumətin qırğına qarşı tədbirlər görmək istədiyini düşünən camaat az sonra tamamilə başqa cürə düşünməyə başladı və qoşunun, qırğın mütəşəkkil surətdə aparılsın deyə şəhərə çıxarıldığını yəqin etdi. Atlı kazak və piyada qoşun zabitlərinin yanından keçən qırğınçıların öz silahını gizlətməsi də lazım gəlmirdi, çünki şəhərə çıxarılan qoşun zabitlərinə istər general Əlixanov, istərsə də Nakaşidze, Roniç və Lavrov tərəfindən lazımi tapşırıqlar verilmişdi. Vasya ilə Əsgər iclasdan birlikdə çıxdılar. Onlar da başqa yoldaşlar kimi rayonlara təhkim olunmuşdular. Onlar Balaxanı — Sabunçu rayonuna gedərək, orada şəhərdəki qırğının fəhlə dairələrinə sirayət etməməsi üçün hazırlıq aparmalı idilər. Bu mümkün olmadı. Şəhər ilə rayonların rabitəsi səhərdən bəri kəsilmişdi. Yollar tamamilə qoşun dəstələri, polis və jandarmlar əlində idi. Konkalar hələ işləyirdi. Piyada getmək qorxulu olduğu üçün camaat konka ilə getməyə tələsirdi. Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı. Vasya ilə Əsgər də konkaya oturub Voronsov küçəsi ilə gedirdilər. Voronsov küçəsində naməlum bir adam konkada işləyən konduktor Şinkovu vurub öldürdü və bununla da konkada ağlagəlməz bir çaxnaşma başladı. Bir çoxları yanındakını tapdaya-tapdaya konkadan yerə atılırdı. Sağdan, soldan, daldan, qabaqdan düşüb qaçırdılar; qışqıranlar, özündən çıxanlar və bayılanlar da var idi. Oturanlardan bir neçəsi özünü güllədən qorumaq üçün skamyaların altında gizlənmişdi. Vasya ilə Əsgər şəhərdən gələn güllə səsini eşidir və heyrətlənirdilər. Konka konduktoruna atılan bu güllə şəhərin başqa hissələrində də yeni atışmalara səbəb oldu. Ən şiddətli atışma səsi Çadrovı küçədən gəlirdi. Hamı qaçır, hamı qışqırırdı, lakin kimin kimi vurduğu və kimin kimləri soyub-taladığı məlum deyildi, heç kəs də bunu soruşmurdu. Vəziyyət getdikcə ağırlaşırdı. Vasya və Əsgər konkadan düşüb piyada getməyi qərara aldılar. Aralıq sakit olduqda Vasyanın İçərişəhərdəki mənzilinə getmək istəyirdilər. Konka dayandı. Konka atları da bu hadisədən istifadə edərək dincini alırdı. Konkada heç kəs qalmamışdı, hərə düşüb bir evə soxulmuş, bir tərəfə qaçmışdı. Konkada bayılıb qalmış gənc bir qızı bir tərəfə çıxaran yox idi. Qızın gözü, qaşı, saçı qara idi. Erməni qızına çox oxşayırdı. Heç kəs ona yaxın durmurdu. Hər kəs qıza yaxın durmasının bir ixtilafa səbəb olacağından qorxurdu. Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. Faytonçular da atlarını döyüb qaçırdı. Vasya faytonçulardan birini səslədi, Əsgərə dedi: – Mən bu sahibsiz qıza nicat verəcəyəm. Qoy nə olur-olsun, bunun üçün bizi məzəmmət edən də olmaz. Əsgər buna etiraz etdi: – Böyük səhv edirsən, — dedi. — Erməni qızıdır. Sabah bizə deyərlər ki, erməni qızını götürüb qaçırmışlar. Heç kəs deməz ki, biz təhlükədən qurtarmaq üçün aparırıq. Vasya etiraz etdi: – Fikrin doğru fikir deyildir. Qoy nə deyəcəklər desinlər. Qoy nicat verdiyimiz qızın özü bizdən razı qalsın, başqalarının fikri bizim üçün qorxulu deyil. Sən ki, şərqlisən. Şərqdə qadının hörməti hamıdan irəlidədir. Götür, qoyaq faytona! Bir qızı bu vəziyyətdə qoyub getmək heç Şərq kişisinə yaraşmaz. Əsgər ilə Vasya köməkləşərək, qara saçlı qızı konkadan götürüb faytona qoydular. Qızı faytonda Vasyanın evinə apardıqları zaman onun üzünə dağılmış qara saçları altından belə bir səs eşidildi: – Rica edirəm mənə kömək ediniz. Qız bu sözü deyib yenə bayıldı. Əsgər etirazlı baxışla Vasyaya baxdı: – Bilmirəm biz bu ölünü hara aparacağıq? Vasya dedi: – Mənim evimə apararıq. Sağ qalarsa, ailəsini tapıb verərik, ölərsə, dəfn etmək üçün tabut tapmaq da mümkündür. Əsgər heç bir söz demədi. Faytonda sakitcə oturub onlarla bərabər İçərişəhərə girdi, orada bir nəfər tanışın evində gecələməyi düşünürdü. Şəhərin güllə altında qaldığına və erməni-müsəlman qırğını başlanmasına baxmayaraq, yenə də çoxdan bəri bir-birini tanıyan qonşular öz qonşularını müdafiə edirdilər. Ermənilər müsəlmanların, müsəlmanlar isə ermənilərin evinə girdikdə özlərini əmniyyətdə hesab edirdilər. Bakı polisinin əsil siması atışmanın birinci günündə meydana çıxdı. Qoşun dəstələri, içərisindən güclü güllə atılan erməni evlərini gülləyə basdı. Vasya qızı İçərişəhərdəki mənzilinə gətirdi. Qızı faytondan düşürəndə həyətdəki azərbaycanlı qadınlar faytonu aralığa alıb bir-birinə deyirdi: – Gözəl qızdır. – Erməni qızıdır... – Hayıf bu gözəllikdə qız Vasya kimi ac bir oğlanın əlinə düşübdür. – Xatası vardır. Bilmirəm nə üçün bura gətirib... Əsgər bütün bu danışıqları Vasyaya başa saldı. Vasya qadınlara dedi: – Konkada özündən getmişdi. Yazığımız gəldi, qız uşağıdır, ayaq altında qoyub qaçmaq namusumuza sığışmadı, götürüb gəldik. Ayılar, aralıq sakit olar, yenə də aparıb ailəsinə tapşırarıq. Qızı gətirib Vasyanın yoxsul taxta çarpayısına uzatdılar. Azərbaycanlı qadınlar dəsmal isladıb onun başına qoydular, qollarını sıxdılar, boğazına su tökdülər, qız dərin bir ah çəkərək yavaş-yavaş gözlərini açdı. Əsgər vidalaşıb gedərkən Vasyaya dedi: – Vasya, ehtiyatlı ol ha!.. Elə elə ki, bu günkü tarixi ləkə bizim ətəyimizə sürtünməsin! Qızla namusla davran. Vasya gülərək: – Uşaqsan nəsən? — deyib bir papiros yandırdı. Vasya evdə otura bilməyəcəkdi, bayıra çıxmaq və şəhər içində qalan yoldaşlardan xəbər tutmaq lazım idi. Qızı həyətdəki azərbaycanlı qadınlara tapşırıb getdi. Vasya, şəhərə çıxanda atışma səsi gəlməyən küçə yox idi. Bakının damlarından güllə yağış kimi yağırdı. İçərişəhərə gələnlərin, bir tərəfə soxulmaq istəyənlərin həddi-hesabı yox idi. Krasilnikovun, Kersakovun, Melikovun, Tağıyevin evlərinin damından atılan güllələrin kimə və hansı tərəfə atıldığı aydın deyildi. Daşnaklar «Madrid» mehmanxanası və Mayılovun evlərini hərbi ştab şəklinə salıb şəhərə güllə yağdırırdılar. Çar məmurları və erməni-müsəlman varlılarının fitnəsinə qurban olmuş idraksız müsəlmanlar erməniləri, daşnakların həyasız təbliğatı təsirinə düşən ermənilər isə müsəlmanları gülləyə basırdılar. Erməni və müsəlman burjuaziyası həyəcanlı dəqiqələr keçirirdi. Bir-biri ilə rəqabət aparan hər iki tərəfin burjuaziyası qələbənin kimin tərəfində olması ilə maraqlanırdı. Hacı da maraqlanırdı. O, atışma səslərini eşitdiyi zaman general Nakaşidzenin süfrə başında dediyi sözlərin, verdiyi vədlərin doğru olub-olmadığını, həyata keçirib keçirilməyəcəyini yoxlamağa çalışırdı. Hacı qırğın başlandığı dəqiqədən telefonun yanından qırağa çəkilmirdi. Telefonun zəngi qəfildən səsləndi, Hacı diksindi, əli titrəyə-titrəyə dəstəyi götürdü, fabrik müdiri Hacı Məmmədlə danışmağa başladı: – Sənə yenə də tapşırıram ki... qapıda bir neçə qarovul qoyarsan, məbada, məbada Hacı Mir Ağanın oğlunu, onu, o nəsəyid köpək oğlunu fabrikin həyətinə girməyə qoyasan! Sən qarovula tapşırarsan ki, o haramzada oğlunu qapıda görən kimi vurub öldürsün. İndi sənin xəyalın əvvəlki vaxtlara getməsin. Qoy vurub öldürsün. Anla nə deyirəm! Mən bir iş bilməsəm və əlim bir yerə bağlı olmasa, demərəm. Vursun öldürsün, cavabını mən verəcəyəm! — Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı: — Yəni necə içəri giribdir?.. Hə?.. Hə?.. Bəs siz ölmüşdünüz?! Yuxulamışdınız? Keflənmişdiniz?! Bəs mən qarovulu nə üçün qapıda qoymuşam? Bəs mən ona ətək dolusu pulu nə üçün verirəm? Bəs mən nə üçün icazə alıb tüfəngi onun əlinə vermişəm?.. Sizə yenə də əmr edirəm hamılıqla çalışıb o köpək oğlunu həyətdən bayıra çıxardın! Getdiyim Məkkəyə and olsun, bilim ki, o bic haramzadanı mitinq eləməyə buraxmısınız, sizsiz mənəm! Daha məndən inciməyə haqqınız yoxdur. Bildin ki?! Hacı bu tapşırıqları verdikdən sonra yenə də əlləri titrəyə-titrəyə dəstəyi qulağına tutub dinləməyə başladı, az sonra qışqırdı: – Necə? Mitinq? Fabrikdə? Danışır? Vaj sizin yediyiniz çörək haramınız olsun! Elə isə dilinizi əlinizdən almayıblar ki, çıxıb siz də danışın!.. Necə, qorxursunuz, kimdən?.. Qulaq asın! Bax sizə necə ki, deyirəm, elə də çıxıb danışanda fəhlələrə deyərsiniz! İstəyirsiniz dediklərimi yazın. Bunun üçün də asta-asta deyirəm, yaz: — Hacı millətin babasıdır! Yazdın ki? İndi də bunu yaz: Hacının bütün fikri, bəli bütün fikri, hə, hə, bütün fikri... ada fikri! Kar deyilsən ki?! Hə, fikri və Hacının bütün çalışdığı... hə, hə, hə... bütün çalışdığı... Elədir, yaz: bütün çalışdığı... müsəlman millətinin və müsəlman dininin xoşbəxtliyi üçündür. Bəli, xoşbəxtliyi üçündür. Pah! Sizin kar eviniz yıxılsın... üçündür... üçündür... Yaxşı, yazdın ki?! İndi dalısını eşit! İndiyə kimi... hə, indiyə kimi hər fabrika... ada necə Amirka? Sənə fabrika deyirəm... Hə, indiyə kimi hər fabrika Hacıya qazanmırdı. Barakallah! Qazanmırdı, Hacı qeyrətli... hə, qeyrətli və namuslu... Hə, namuslu bir adam olduğu üçün xariciməzhəblərin... vaj sənin kovdan evin yıxılsın! Mən buna deyirəm xariciməzhəblərin, bu götürüb soruşur ki: xarici məktəblərin... Hə, xariciməzhəblərin qabağından qaçmaq istəmədi. Hə, o yazdığını bir də oxu, nigəran qaldım... Deyəsən yenə də sən mən dediyimi anlamadın. Heç bilmirəm ki, bu fərasət ilə sən necə Məkkəyə gedib qayıtmısan! Mən sənə deyirəm ki, Hacı xariciməzhəblərin qabağından qaçmaq istəmədi. Sən götürüb yazırsan ki: Hacı xarici məktəblərin qabağından keçmək istəmədi... Çox gözəl, indi eşit: Hacı öz mülklərinin gəlirini... yox, yox... mülklərinin gəlinini yox... mülklərinin gə-li-ri-ni! Yazdın ki? Çox yaxşı, dalısını yaz: Fabrikanın zərərinə qoyurdu. Bu fabrika müsəlman millətinin iftixarıdır. Yazdın ki? Ada, sən müsəlmanca bilmirsənmiş ki?! Mən sənə deyirəm ki, fabrika müsəlman millətinin iftixarıdır, sən isə yazırsan: bu fabrika müsəlman millətinin intiharıdır. Vallah sizin yerinizə mən xəcalət çəkirəm! Yaxşı, yubanma dalısını yaz: Hər bir qeyrəti, namusu, milli ruhu olan müsəlman fabrikanı öz göz bəbəyi kimi qorumalıdır. Yox, yox, necə yəni öz bəbəyi kimi qorxmalıdır? Öz göz bəbəyi kimi qo-ru-ma-lı-dır. Hə, barakallah! Elədi ki, var. Bu sözü diqqətlə yaz: Fabrikanın əleyhinə çıxanlar xaricilərin şpionlarıdırlar. Yazdığını oxu görüm! Hacı bir az qulaq verəndən sonra acı-acı gülüb yanında oturan Rəsulova dedi: – Mən deyirəm ki, fabrikanın əleyhinə çıxanlar, xaricilərin şpionlarıdırlar, bu bic oğlu bic də yazır ki, fabrikanın həyətinə çıxanlar, Hacıların şeypur çalanlarıdırlar. Hacı uzun-uzadı danışaraq, aşağıdakı sözləri telefonla dedi: – Xarici bu fabrikanı dağıtmaq istəyir. Çünki bunda da müsəlmanların belini sındıracaqlar. Bunun üçün də nə qədər zərər olur-olsun, Hacı fabrikanı bağlamaq istəmir. Hacı hökumət ilə baş-başa vurur. Fabrikaya başqa millətlərdən ondan ötrü götürməmişdir ki, bir parça çörək varsa, öz millətinə versin! Bir həftədir ki, injenerləri çağırıb tapşırmışdır ki, fəhlələrin evlərini düzəltsinlər, həyətləri təmizləsinlər. Hacı tapşırmışdır ki, evlərdən çıxan çirkab sularını dənizə aparmaq üçün yol açsınlar. Hacı əmr vermişdir ki, beş başdan artıq ailəsi olanlara iki otaq verilsin. Hacı maaşların səkkiz manatdan on manata, on manatdan on iki manata qaldırılması üçün buxalterlərə tapşırıq vermişdir. Müsəlman fəhlələri gərək öz varlılarının bankrot çıxmasına razı olmasınlar. Hacı kimi kişilər yaman gündə millətin arxasıdır. Hacı bu cür sözlərdən uzun-uzadı söylədi, sonra da dəstəyi qoyub yanındakılara dedi: – Bu, nəsəyid oğlu nəsəyid, bir bəla olub düşübdür mənim canıma. Bilmirəm bu haramzadanın əlindən başımı hara götürüb gedim? Qarovula tapşırmışam ki, içəri girmək istəyən kimi bir güllə vur qabırğasına! Köpək oğlu hambal paltarı geyib içəri soxulubdur. Köpək oğlu bir bəla olub mənim xırtdəyimdən yapışıbdır. Telefonun zəngi vuruldu. Hacı tez dəstəyi götürdü: – Bəli, Hacının özüdür. Eşidirəm, cənab qubernator, eşidirəm! Çox nigəranam... Bəli, qorxmağa da haqqım vardır... Nadinc adamlardır, evlərimi yandırarlar... Bu barədə çox razıyam, ancaq damlarım yanmasın... Bəli, bəli... Evi mühafizə üçün göndərdiyiniz kazak dəstəsi özünü çox hörmətli və ədəbli aparır. Başımı çox uca edirsiniz... Bilmirəm ki, mən sizin xəcalətinizdən necə çıxacağam. Gözüm üstə, hər zaman kefiniz istəsə, hazıram!.. Bəli, cənab qubernator, fabrikadan çox nigəranam, oradan telefon almışam ki, bu saatda həyətdə bolşeviklər mitinq düzəldibdir. Qorxuram fabrikanın başına bir iş gələ... çox razıyam! Mühafizə dəstəsi göndərilibsə, daha nigəranlığım yoxdur. Qalan işlər keçib gedər. Cənab qubernator! Mənim sizdən bir xahişim də budur ki, güllə atılan evlərin yandırılması qərarını çıxarmısınızsa, o zaman mənim evlərimin siyahısını qoşun böyüklərinə veriniz; dünən mən o siyahını sizə göndərmişəm. Hərgah evlərimin barəsində onlara tapşırılmışsa, o sizin iltifatınızdan asılıdır. Buna görə də mən bütün müsəlman xalqı tərəfindən sizə təşəkkür edirəm... Çox pakizə! Salamat olunuz! Xanımın əlini mənim əvəzimdən öpərsiniz... Hacı şad halda dəstəyi yerinə qoydu və yanındakılara dedi: – Kişidir, kişi! Sözünün yiyəsidir. Müsəlmanlardan ölən çox azdır. Hələlik ermənilərdən on üç nəfər ölübdür. Hökumət müsəlmanları müdafiə etmək üçün əlindən gələni müzayiqə etmir və yenə də etməyəcəkdir. Qoşun dəstələri özünü çox pakizə aparır. Qulluqçu içəri girib, bir nəfər zabitin Hacı ilə görüşmək üçün gəldiyini xəbər verdi. Zabit içəri girdiyi zaman müsəlmanları qardaş qanına boyamaq və vətəndaşları bir-biri üzərinə saldırmaq istəyən «rəhbərlər» də Hacının yanında oturmuşdu. * * * Axşam idi. Hər gün olduğu kimi axşam siqnalını verən azan səsi və kilsə zəngləri səsi eşidilmirdi, bunları güllə səsi əvəz edirdi. Bakı şəhərinin üstünə çökməkdə olan qaranlıq, yanğınlarının tüstüləri qanadlarını milyonçular Bakısının üzərinə açan böyük bir xəyanətin kabusu kimi baxırdı. Gecə idi. Ay çıxmamışdı. Ulduzlar parlayırdı. Elektrik fənərləri yanmırdı. İşıq buraxıldıqdan yarım saat sonra, qaranlıqda iş görmək istəyən oğrular, quldurlar, milli qırğınlarda iştirak edənlər, elektrik lampalarının hamısını güllə ilə vurub qırmışdılar. Qara fikirləri, işıqda həyata keçirmək olmazdı. Erməni və müsəlmanların bu günə məxsus «qəhrəmanları» öz dəstələri və öz silahları ilə küçələrə çıxmışdı. Hansı pəncərədən işıq gəlsə, ora yüzlərcə güllə atılırdı. Vasya yoldaşlarından bir parası ilə görüşdükdən sonra evinə dönmüşdü. Mənzilinə gətirdiyi qızın nə vəziyyətdə olduğundan xəbərdar deyildi; erməni qızının müsəlman həyətində nə cür yaşaya biləcəyi barəsində müəyyən bir fikrə gələ bilmirdi. Həyətə girdikdə mənzilin pəncərəsindən lampa işığı gəldiyini gördü. Qız pəncərədə oturmuşdu. Vasya otağa girdi; qız tez ayağa qalxıb salam verdi. – Məni ölümdən qurtarmaq üçün bu mənzilə gətirən sizsinizmi? — deyə soruşdu. – Bəli, mənəm. Sizi bu yoxsul otağa gətirən mənəm. Sizi bu fəqir mənzilə qonaq gətirməkdən məqsədim öz insanlıq vəzifəmi yerinə yetirməkdir. Mən bununla sizə kömək etmək istədim. Bilmirəm, siz bu köməkdən razı qalacaqsınız ya yox? Evinizi tanısaydım, sizi evinizə aparardım. Bilmirəm, siz mənim bu fəqir mənzilimdə keçirdiyiniz saatların əziyyətini unuda biləcəksinizmi? – Fəqirlik insanın mənzili ilə deyil, öz şəxsiyyəti ilə ölçülür. Zənnimcə, sizin mənziliniz nə qədər yoxsul və fəqir olsa da, şəxsiyyətiniz o qədər zənkin, mənəviyyatınız isə daha yüksəkdir. Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. Lakin evimizə nə cür qayıdacağımı bilmirəm. Onlar mənim harada qaldığımı, diri olub-olmadığımı bilməyəcəklər. Bunun üçün də nigaran qalacaqlar. – Eviniz yaxın olsaydı, sizi aparardım. – Bəlanın böyüyü də evimizin yaxında olmamasıdır. Biz Balaxanı — Sabunçu dairəsində yaşayırıq. Mən güllə səsini eşitdikcə, bir daha evə qayıtmaq ümidlərini unuduram. Mən bir necə kərə şəhərə gəldiyim vaxt tanış evlərdə keçələmişəm. Lakin bu gecə başqa gecədir! Xüsusilə anam böyük bir həyəcan keçirəcək, yolumu gözləyəcəkdir. Qız susdu, uzun zaman danışmadı. Vasya da onun qeydinə qalıb düşünürdü. Qızın çıxılmaz vəziyyəti, Vasyanın özünü də çıxılmaz bir vəziyyətdə qoymuşdu. Xeyli düşündükdən sonra Vasya qızdan soruşdu: – Mən Balaxanı — Sabunçu dairəsində bir çox ailələri tanıyıram. Siz hansı ailədənsiniz? Qız başını qaldırıb düşüncəli qara gözləri ilə Vasyaya baxdı, sonra baxışları dizlərinə endi. Xeyli fikirləşdikdən sonra başını tərəddüdlə qaldırıb Vasyanın üzünə bir daha baxdı: – Ailəmiz məşhur ailədir, — dedi. – Familiyanız? – Mən Şendrikovun ailəsindənəm. – Şendrikovun? – Bəli, Şendrikovun, İlya və Lev mənim qardaşlarımdır. Vasyanı heyrət götürdü. Doğrudan da o, bu təsadüfə heyrət etməyə bilməzdi. Qız ikinci kərə əlini Vasyaya uzadıb dedi: – Biz ikinci kərə tanış olmalıyıq. Susanna Şendrikova! Vasya onun əlini sıxıb oturdu. Düşünməyə başladı və özünə dedi: «Bu qız necə olsun? Bunların ailəsi necə olacaqdır? Bilmirəm bu qırğınlar Balaxanı — Sabunçu dairəsinə təsir etmişmi?». Qız birinci kərə gördüyü adamı gözdən keçirmək üçün göz qapaqlarını qaldırıb baxdı. Sonra otağa göz gəzdirdi. Otaq olduqca sadə idi. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: künc-bucağı, tavanı hörümçək toru basmışdı. Maxorka tüstüsündən tavan və divarların rəngi tamamilə dəyişmişdi. Evin vəziyyəti bir yoxsulun, ailəsiz bir yoxsulun evinə oxşayırdı. Otaqda gözə çarpan təmiz bir şey vardısa, o da taxta çarpayıda olan yatacaqdı. Vasya çox yoxsul və öz həyatı barəsində çox laqeyd olmasına baxmayaraq, yorğan-döşəyinə çox diqqət verirdi. Otaqda bir də yemək qabları və çay stəkanı vardı. Qız onun mənzilini gözdən keçirirdi. Vasya da çay hazırlayır, küçə dükanlarından aldığı yemək şeylərini stolun üstünə düzürdü. Susanna birinci təklifdə heç bir tərəddüd göstərmədən stolun başına oturub yeməyə başladı. O, ac idi, səhərdən bəri heç bir şey yeməmişdi. Yedilər, çay da içdilər. Vasya tez-tez bayıra çıxıb yenə qayıdırdı. Susanna bu çıxışının papiros çəkmək üçün olduğunu duyub dedi: – Papirosu otaqda çəkin; mənim üçün fərqi yoxdur. Evimizdəkilərin çoxu papiros çəkir, mən artıq buna adət etmişəm. Vasya bir papiros da düzəldib otaqda çəkdi. Yenə də səssizlik mənzili bürüdü. Onların heç birisi danışmağa söz tapa bilmirdi. Axırda Susanna Vasyadan soruşdu: – Paltarlarınız fabrik-zavod fəhləsi olduğunuzu göstərir. Lakin yenə də bilmək istərdim, harada işləyirsiniz? – Nə fərqi vardır? Fəhlə — fəhlədir. Harada işləyir işləsin, o fəhlədir, işləməlidir. Nə qədər qüvvəti varsa işləməlidir. Susanna dedi: – Bəli, işləməlidir, işləməlidir. Lakin nə şəraitdə? İşləmək üçün də əlverişli bir şərait düzəltmək lazımdır. Vasya gülümsədi, qızın geniş söhbətlər üçün giriş aradığını anladı. Menşevik ailəsində böyüyən bu qızın nə kimi bir əqidə daşıdığını bilmirdi. Buna görə də ona verəcəyi cavabları əvvəlcə lazımınca ölçüb-biçirdi. Qızın sözünü cavabsız buraxmamaq üçün dedi: – Şərait yaradanlar başqa, biz isə başqayıq. Bəlkə də bizim gedimizə qalanlar tapılacaqdır. Susanna sanki bu sözlərdən xoşlanmadı və Vasyanın üzünə təəccüblə baxdı: – Sözün doğru sözdür, — dedi, — lakin fəhlənin özü də yaxşı şərait yaratmaq üçün çalışmalıdır. Fəhlənin iştirakı olmadan onun rəhbəri də onun həyatının yüngülləşməsi işində müvəffəqiyyət qazana bilməz. Fəhləsiz rəhbər — qoşunsuz komandir kimidir. Vasya qızın söhbət üçün əlverişli bir giriş əldə etdiyini hiss etdi və ona geniş söhbətlər üçün imkan yaratmaq məqsədi ilə dedi: – Hələlik hərəkatın rəhbərlik məsələsi müəyyən edilməmişdir. Məncə, indi gedən mübarizənin özü də rəhbərliyin kimlərə məxsus olması üzərində gedir. Hələlik hər kəs fəhlələrin adından danışır. Xətti-hərəkət üzərində gedən bu ciddi mübarizədə hansı tərəfin qalib çıxa biləcəyini, fəhlələrin hansı tərəfdə toplanacağını və çoxluğu kimlər təşkil edəcəyini bilmək də mümkün deyildir. Susanna özünü düzəldərək dedi: – Sənin bu fikrin həqiqətlə dolu bir fikirdir. Təəssüf ediləcək bir məsələ vardır ki, o da bundan ibarətdir: istismarçı qüvvələr mütəşəkkil bir vəziyyət aldığı halda, fəhlə sinfini istismar üçün hər bir vasitədən istifadə etdiyi bir zaman fəhlə rəhbərlərinin xətti-hərəkət məsələsi üzərində apardıqları mübarizə olduqca yersiz və zərərlidir, çünki bu mübarizə fəhlələrin tərəddüddə qalmasına səbəb olur. Fəhlələrin bir hissəsi — fəhlə hərəkatı məsələsinə iki rəhbərin bir-birinə üstün gəlmək mübarizəsi kimi məna verir, burjuaziyanın göstərdiyi yol ilə getməyə məcbur olur. Məncə, partiyalar arasında məfkurə və xətti-hərəkət uğrunda mübarizə nə qədər doğru və yerli olsa da, hali-hazır üçün mənfi nəticədən başqa bir şey vermir. Tarixdən alınan təcrübələrin hamısı mübarizə üçün şərait və zamanın müsaid olub-olmadığının birinci rol oynadığını göstərir. Bu günkü hadisələrdən aldığımız təcrübələr və xüsusilə zaman və şəraitin yaratdığı vəziyyətdən əldə etdiyimiz həqiqətlər xətti-hərəkət üzərində mübarizə aparanların ən əsas məsələləri unutduğunu, şəraitlə həsablaşmadığını göstərir. İndi çar hökumətinin geniş bir xəyanəti maneəsiz həyata keçirməsinin birinci səbəbi də fəhlə hərəkatı rəhbərlərinin daxili məsələlərlə məşğul olmamasıdır, partiya xaricində görülən təşəbbüslərə qarşı tədbirlər görməməsidir, zəminəsi çoxdan bəri hazırlanmağa başlanmış olan bu günkü hadisələrin qarşısını ala bilməməsidir. Vasya nə gözünə, nə də qulaqlarına inana bilirdi. Kənc qızın hazırkı hərəkət haqqında ortalığa atdığı fikirlər mürəkkəb və başqıcəlləndirici fikirlər olduğundan, Vasya bu barədə nə deyəcəyini bilmirdi. Hələ bu söhbətlərdə qızın hansı cərəyana mənsub olduğunun aydın olmaması da Vasyanı düşündürürdü. Qız bolşevikmi, menşevikmi? Bunu Vasya təyin edə bilmirdi. Buna görə də Susannaya belə bir sual verdi: – Sizin fikrinizcə, bu ixtilafı törədən kimlərdir? Susanna yenə də öz əqidəsini aydın edəcək bir cavab vermədi. – Kim olacaqdır? İxtilafı törədən bolşeviklər və menşeviklərdir. Vasya öz əqidəsini ona bildirməyərək dedi: – Bunlar birləşməyi bacarsaydı, biz də bu günkü fəlakətləri görmədik və təhlükə qarşısında qalmazdıq. Susanna: – Bax, mənim də dediyim elə budur, — dedi. — Bu maçaranın qabağını vaxt ikən almış olsaydılar, qüvvətli bir cəbhə iki tərəfə ayrılıb zəif düşməsəydi, işlər də gəlib bu nazik yerə çatmazdı. – Görünür ki, iki tərəfdən birisində nöqsan vardır. Buna heç şübhə etmirəm. – Məsələnin başlıcası da, hansı tərəfin nöqsanlı olduğunu təyin etməkdir. Bu barədə uzun-uzadı danışmaq lazımdır. – Biz buna öz vaxtımızı sərf edə bilərikmi? – Nə üçün edə bilməyək? Biz də bu mühitdə yaşayırıq. Bu mübahisəyə qarışmalıyıq. Vasya bir papiros da yandırdı. – Mən sizə bir sual daha verəcəyəm, — dedi. Susanna cürətlə: – Söyləyiniz! — dedi. – Siyasi düşüncəsi olmayan bir insan öz iqtisadi vəziyyətini lazımınca qoruya bilərmi? Susanna güldü. Bu sözlərlə Vasyanın hansı nöqtəni hədəf etdiyini gözəlcə bilirdi. – İnsanın həyatında siyasətlə iqtisadiyyat bir-birindən asılı, bir-birilə əlaqədar olan iki mühüm amildir ki, bunların biri o birisiz inkişaf edə bilməz. Xüsusilə siyasi düşüncəyə malik olmayan bir insanın apardığı mübarizə, nə mündərəcədə olursa-olsun, onda qalib çıxa bilməz. Qız özü bilməyərəkdənmi, Vasyanı çaşdırmaq üçünmü, əvvəlcə qərarlaşdırdığı mövzudan kənara çıxdı. Vasya Susannadan soruşdu: – Bizim aydın etmək istədiyimiz məsələ yarımçıq qalmadımı? Susanna: – Yox, — dedi, — mən nöqsanın hansı tərəfdə olduğunu açıqca söylədim, siz özünüz də onu təsdiq etdiniz. Vasya təəccüblə soruşdu: – Nə vaxt? – Mən dedim ki, siyasətlə iqtisadiyyat bir-birindən asılı, bir-birilə əlaqədar olan iki mühüm amildir, bunlardan biri o birisiz inkişaf edə bilməz. Burada məsələ aydın olmadımı? Bu iki əlaqədar amilləri bir-birindən ayıranlar müqəssir deyillərmi? Vasya özünü yığışdırdı, qıza verdiyi cavablarında ehtiyatlı olmağa başladı. O, menşevik bir adamın bacısının bolşevikcəsinə mühakimə etməsindən şübhələndi, qızın onu öyrənmək üçün zəminə hazırladığını zənn etdi. Bütün sözlərində bolşevik tərəfdarı görünən bu qız uzun-uzadı danışdı; lakin bu sözlər, bir müəllimin öz əqidəsi ilə əlaqədar olmayan fəlsəfə dərslərini deməsinə oxşayırdı. Gecə keçirdi, qızın yuxusu gəlirdi. Vasya bunu duyub Susannaya dedi: – Xanım qız, biz iki şeydən birisini etməliyik: ya siz qonşuya gedəcəksiniz, mən burada yatacağam, ya da siz burada yatacaqsınız, mən qonşuya gedəcəyəm. Susanna gözlərini geniş açaraq dedi: – Əvvələn budur ki, hərgah bizim tanışlığımız davam edəcəkdirsə, məni bir də «xanım qız» deyə çağırmayın; ikincisi, burada da, qonşuda da yatmaq mümkündür, mənim üçün heç bir fərqi yoxdur. Mən ancaq sizin rahatlığınızı pozmaq istəmirəm. İndi ki, pozmuşam, burada da yatmağıma icazə verin. Vasya paltosunu götürüb evdən çıxdı. Susanna qapını daldan vurub, lampanı söndürdü. * * * Səlyan alayının bir hissəsi və sünkülü kazak dəstələri Hacının evini mühafizə edir, yaxına heç kəsi buraxmırdı. Alay komandiri Kuzminski general Fadeyevdən aldığı xüsusi əmrə görə, Səlyan alayını Hacının ixtiyarına vermişdi. Jenya pilləkənlərdən düşüb küçəyə çıxmaq istədikdə, Hacı onu böyük güzgünün qabağında saxlayıb soruşdu: – A qız, hara getmək istəyirsən? Jenya cavab verdi: – Şəhərdə bir az sakitlikdir. Cənab Əlixanovun xanımı Zərrintac xanımın evinə gedirəm. Hacı: – Qayıt yuxarı, qızım, — dedi, — sakitlik-zad yoxdur. İndi bu saat yenə atışacaqlar, bu gün evdən heç kəs bayıra çıxmamalıdır. Jenya, Hacının sarayında verilən qərarlar haqqında yoldaşlarına xəbər verə bilməyəcəyindən kədərləndi, ümidsizcəsinə yuxarı qayıtdı. Paltosunu çıxarıb öz yerinə asmamışdı ki, şiddətli atışma səsləri gəlməyə başladı. Fevral ayının yeddinci günü Bakıda erməni-müsəlman qırğınının şiddətli günü idi. Suraxanski və Krasnovodski küçələrində, erməni kilsəsi ətrafında heç gözlənmədən bərk atışma başlamışdı. Buradakı atışmalar şəhərin başqa hissələrinə nisbətən olduqca təhlükəli idi. Malakan bağı ətrafında başlanmış atışmalar iki saatdan bəri şiddətlə davam edirdi. Hacının öz sarayı ilə yanyana duran bu hissədəki vuruşmaların nəticəsi bəlli deyildi. Hacı həyəcanlı dəqiqələr keçirirdi. Onun bir qulağı telefonda, bir qulağı da yaxında eşidilən atışma səslərində idi. Qara camaatın «rəhbərləri» Hacının yanını kəsib oturmuşdular. Əhalinin böyük təhlükə qarşısında qalmasına səbəb olan bu xainlərin özü də, qonşuluqda davam edən atışma ilə maraqlanırdı. Ağa Bala Quliyev və başqaları qoşunun şəhərə çıxarılmasından və qırğınlara mane olmaq istəməsi şayiələrindən rahatsız olduqlarını Hacıya söyləyir, hökumətə etiraz edirdilər. Hacı özü də qubernatorun və general Fadeyevin verdiyi vədələrə baxmayaraq, həyəcanlı dəqiqələr keçirirdi. İntizar və həyəcan çox uzun çəkdi. Nəhayət, telefonun zəngi səsləndi, Hacının qulağı telefonun dəstəyində, salonda oturanların gözləri isə Hacının ağzında idi. Bu zəngin kimdən və haradan olduğunu bilmək üçün hamı öz diqqətini toplamışdı. Hacının üzündə birdən-birə görünən şadlıq əlaməti onun üzünə baxanlarda da bir şadlıq yaratdı. O, xeyli qulaq asıb, danışmağa başladı: – Eşitdiyimə görə şəhərə çıxarılan qoşunlar müsəlmanların işinə mane olurlar. Hərgah doğru olsa, cənab qubernatorun özü də bu işdə məsuldur. Bundan əlavə, şəhərdə nə olduğundan xəbərim yoxdur. Bunu bizdən gizlətmək də doğru deyildir. Hacı bu sözləri dedikdən sonra dəstəyi bir necə dəqiqə qulağında saxlayıb dinlədi. Bir əli yorularkən dəstəyi o biri əlinə alırdı. Üzündə narazılıq əlamətləri görünürdü. Bu, Hacının qonaqlarına da təsir etdi. Onlar bir-birinin qulağına pıçıldamağa başladılar. Salonda dərin bir səssizlik var idi. Hacı dəstəyi acıqlı bir surətdə yerinə qoyub salondakılara dedi: – Mən çox savadsızam, amma nə qədər savadsızamsa, bir o qədər də təcrübəliyəm. Mən savadsız ola-ola əbəs yerə Hacı Zeynalabdın Tağıyov olmamışam. Mənim həyatım təcrübələr süzgəcindən keçib saflanmış bir həyatdır. Mən hadisələrin qəlbirindən keçmişəm. Bunun üçün mən bu müsəlmanları hər kəsdən artıq tanıyıram. Mən hər zaman bu milləti məzəmmət eliyəndə bizim ruhanilərimiz elə bilir ki, mən dinsiz olduğum üçün müsəlmanları bəyənmirəm, yainki ruslara xoş gəlmək üçün öz dinimi pisləyirəm. Müsəlmanların dəyərsizliyi barəsində dediyim sözlərin hamısı bu iki günkü erməni-müsəlman qırğını vaxtında təcrübədən keçirildi, tamamilə doğru çıxdı. Bunlar öz dinlərini atıb, bolşeviklərin sözünü tuturlar, dostlarını, düşmənlərini tanımırlar. Odur ki, bu müsəlmanlara rəhbər olmağın özü də axmaqlıq və şərəfsizlikdir. Mən bunu Şeyxəlislamın və qazı Mir Məhəmmədkərimin də yanında demişəm, sizə də deyirəm: bu müsəlmanlar ayrı cür də ola bilməzlər, çünki onlar cürbəcür millətlər yığınından ibarətdirlər. Bunlar bir neçə kərə dinlərdən dinlərə keçən və müxtəlif səbəblərə görə dinini başqa bir dinlə əvəz edənlərin nəslidir. Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq — cahillik və axmaqlıqdır. Bu müsəlmanlar bir hissəsi pul, bir hissəsi cənnət xatirəsinə, bir hissəsi də cəhənnəm qorxusundan müsəlman olanların nəvələridirlər. Bunların qanları da, əqidələri də, düşüncələri də sürüşkəndir. Bu sözlər Hacının ağzından birinci kərə deyil, çox tez-tez eşidilirdi. Buna görə də salonda oturanlara bir təsir buraxa bilmirdi. Salondakıların marağını cəlb edən şey, Hacının acığlanması idi. Hacı acıqla ayağa qalxıb gəzinməyə başladı. Salonda oturanlardan bir çoxu tısbağa kimi başını qınına çəkib qorxu ilə baxırdı. Musa Nağıyev su qırağındakı otların altına girən qurbağa kimi kiçik gözlərini həddindən artıq bərəldərək baxırdı. Hacı bir necə kərə o tərəf-bu tərəfə getdikdən sonra salondakıları gözdən keçirib dedi: – Alçaqlar! İdraksız, mərifətsiz, şüursuz tör-töküntülər! Hacı bu sözləri dediyi vaxt Əlimərdan bəyin üzünə baxırdı, salonda oturanlardan bir çoxu bu sözlərin Əlimərdan bəyə aid olduğunu zənn edərək təəccüb etməyə başlamışdı. Hacı sözünün gərisini deməmiş olsaydı, Əlimərdan bəyin özü də başqaları kimi düşünəcək idi. Hacı sözünə davam etdi. – Bu müsəlmanlar mənim bildiyim kimidirlər. Bu alçaqlar öz düşmənlərini müdafiə edirlər. Erməniləri dəstə ilə evlərinə doldurub müdafiə edirlər. Görün bir iş haraya yetişmişdir ki, cənab qubernatorun da bu işə acığı tutmuşdur. Cənab qubernatorun özü də bu millətin nə cür millət olduğuna təəccüb edir. Salondakılar, suda öz şəklini görən qazlar kimi boğazını uzadaraq Hacıdan soruşdular: – Necə yəni müsəlmanlar erməniləri müdafiə edirlər?! Hacı papağını qaldırıb, adəti üzrə əlini başına çəkdi, saqqalını tumarladı, narazı bir halda dedi: – İndi mən telefonda cənab qubernator ilə danışırdım. Cənab qubernator müsəlmanların erməniləri evlərinə doldurub müdafiə etdiyindən şikayətlənirdi. İndi bu saat Səlyan alayının polkovniki Kuzminski məruzə üçün bura gələcəkdir. Onun dediklərindən müsəlmanların ağılsızlığını görəcəksiniz; bu millətin doğrudan da ölməli bir millət olduğunu təsdiq edəcəksiniz. Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. Biz bu gün yalnız Bakı məsələsini deyil, bütün Qafqaz məsələsini həll edirik. Bu günlərdə hər kəs qalib gələcəksə, gələcəkdə Bakının ağalığı da onun əlində olacaqdır. İşi bu yerə gətirib çıxarınca yüzlərlə bizim kimi adamlar baş sındırmışdır. Mən istəmirəm ki, ermənilər Tiflisi yeyən kimi, Bakını da bizim əlimizdən alıb yesinlər. Mən istəmirəm ki, Bakı evlərinin doxsan beş faizi erməni varlılarının əlində olsun. Bizim arxalandığımız uzunqulaqlar bunu anlamır, bu məsələyə əhəmiyyət vermirlər. Səlyan alayı komandiri Kuzminskinin gəldiyini xəbər verdilər. Hacı polkovniki çox ehtiramla qəbul etdi. Oturdular. Söhbət başlandı. Alay komandiri dedi: – Fevralın altısında baş verən hadisələr haqqında danışmayacağam. O barədə Hacı cənablarına müfəssəl məlumat verilmişdir. Hacı cənabları icazə verərsə mən ancaq bu günkü hadisələr haqqında qısa məlumat verəcəyəm. Bu günkü hadisələr dünənki hadisələrə heç də bənzəmir. Bu günkü hadisələr dünənki hadisələrin davamı da deyildir. Dünənki hadisələr yüngül vuruşmalar idi. Bu vuruşmalar hər iki tərəfin hazırlanmasına səbəb oldu. Hökumətin milli müharibələrə bitərəf baxması və qırğının qabağını almaması istər erməniləri, istərsə müsəlmanları hazırlıq görməyə məcbur etdi. Bu gün ermənilər tərəfindən başlanmış atışma olduqca hazırlıqlı və mütəşəkkil idi. Bunları nəzərə alaraq mən vəziyyətin ciddi olduğunu anladım, şəhərə sayı on nəfərdən artıq olmayaraq qoşun dəstələri çıxardım. Bu barədə cənab general Fadeyevin icazəsini almışdım. Cənab generalın verdiyi əmrə görə güllə atılan erməni evlərini gülləyə basmaq lazım gəlirdi. Qoşun dəstələri, küçələrdə azad gəzən müsəlmanların hərəkətinə heç də mane olmamışdır, bu dəstələr azad hərəkəti daha da asanlaşdırmışdır. Bunu da qeyd etməliyəm ki, atışma nəticəsində müsəlmanlardan da ölənlər az deyildir. İndiyə kimi küçələrdən 50 nəfərə qədər erməni meyiti götürülmüşdür, evlərə aparılan meyitlər bu hesaba girmir. Müsəlmanların da meyitləri evlərə aparılmışdır. Hər halda ölənlər çox azdır. Biz atışmaların əvvəllərində ermənilərdən çox tələfat gözləyirdik, lakin bizim fikrimizin əksinə oldu. Bunun səbəbini biz müsəlmanların özündə aramalıyıq. Biz ermənilərin çoxu tələfat verəcəyini nəzərə aldığımız hissələrdə müsəlmanlar erməniləri doxsan faiz mühafizə etdilər. Halbuki, müsəlmanların əlində onları yüz faiz qırıb məhv etmək imkanı var idi. Müsəlman qadınları erməniləri evlərinə doldurub qapını kəsdilər. Lakin erməni hissələrində olan müsəlman mağazinlərinin yüz faizi talanmışdır. Minas Simonyans, Muqdusi Oqanesyan və Ayrapetyan qardaşlarının dükanını müsəlmanlar qarət edib malını aparırkən pristavlardan bəziləri tərbiyəsizlik edib buna mane olmuş, lakin yaxında duran iyirmi nəfərlik kazak dəstəsinin zabiti onları qandırmış, pristavlar da səhvlərini dərhal düzəltmişlər. Hər halda müsəlmanların tam bir qələbəyə malik olmamalarına səbəb öz avamlıqları, düşüncəsizlikləri olmuşdur. Mən özüm Krasnovodski küçədən keçirkən yenə bir nəfər pristavın dükanın dağıdılmasına mane olduğunu gördüm. Bakı polis müdirinə bu barədə qəti tapşırıq verildiyi üçün bütün ədəbsizliklərin qabağı alındı. Mən onu demək istəyirəm ki, möhtərəm Hacı rahatsız olmasın. Ancaq Hacı cənablarından rica edəcəyimiz bir şey varsa — o da müsəlmanların sadə və avamcasına hərəkətlərinə nəhayət verməkdən ibarətdir. Belə olsa, xainlər bizim öz əlimizlə ölümdən və qarətdən yaxalarını qurtara biləcəklər. Ümumiyyətlə demək olar ki, Krasnovodski və Suraxanski küçədə yaşayan ermənilərin burnu da qanamamışdır. İşlər belə gedərsə, müvəffəqiyyətin uduzulacağı şübhəsizdir. Baş verən uyğunsuz hallardan birisi də budur ki, 195 nömrəli evdə Akim İsayeviç kimi bir müsəlman düşmənini öz ailəsilə bərabər Ağa Kişi Əliyev, Hüseynqulu Kəblə Abdulla oğlu evinə salıb qorumuşdur. Bunların hamısının adı yazılıb lazımi yerlərinə göndərilmişdir. Malakan bağının yanında yaşayan Ağa Dadaş Vəliyevin xəyanəti nəticəsində Mixail Artemyan, Babaçanov, Sərkis Oqanesov, Arşaq Durniyan və sairələri öz ailələri ilə bərabər ölümdən qurtarmışlar. Hələ erməni tələbələrini öz evlərində mühafizə edənlərin həddi-hesabı yoxdur. Hələ Arzumanovların müsəlmanlar tərəfindən saxlanılması daha təəssüf ediləcək hallardandır. Karaxanyansla əlli nəfər də başqa erməniləri dörd nəfər müsəlman arvadı evdə gizlətmişdir. Halbuki, erməni evlərində mühafizə olunmaq üçün saxlanan müsəlmanların hamısını daşnaklar kəsmişlər. Müsəlmanlar isə onları yedirib saxlamaqdadırlar. Alay komandiri sözünü bitirdikdən sonra Hacı soruşdu: – Mədən və fabrik-zavod dairələrindən nə xəbəriniz vardır? – Fevralın altısında olan hadisə mədən dairələrinə o qədər də dərin sirayət edə bilməmişdi. Ancaq Balaxanı—Sabunçu və Ramana dairələrində tək-tək öldürmə hadisələrinə təsadüf olunmuşdur. Başqa rayonlardan hələlik məlumat yoxdur. Hacı təkrar soruşdu: – Balaxanı—Sabunçu dairəsində hərəkatı kim idarə edir? – Maştağalı Pəhləvan, buruq ustası, iranlı Məşədi Şaban və Qala kəndi sakini Hacıbala. Ermənilər tərəfindən silahlı daşnaklar vardır. Ermənilərə məxsus mədənləri silahlı dəstələr qoruyur. Şəhərlə mədən dairələrini birləşdirən yolların hamısı Səlyan alayı hissələri əlindədir. Atlı kazak dəstələri də vardır. Mədənlərdə iş tamamilə dayanmışdır. Fabrik və zavodlar da işləmir. Məruzəmdə göstərdiyim məlumat bu gün saat on ikiyədək alınmış məlumatdır, bunların hamısı müxtəlif raportlardan götürülmüşdür. Son hadisələr haqqında cənabınıza xüsusi raport verəcəyəm. Kuzminski məruzəsini bitirdi. Hacının evinin qoruğunda duran zabitlər otağına keçdi, öz yazı işləri ilə məşğul olmağa, Hacının telefonu ilə lazımi yerlərlə danışmağa başladı. * * * Jenya Bakının başına gətirilən fəlakətin haradan göyərdiyini görür, danışılan sözlərə qulaq asırdı, lakin eşitdiklərini yoldaşlarına xəbər vermək imkanını əldə edə bilmədiyindən ilan vurmuş adam kimi qovrulurdu. O, doğrudan da hökumətin müsəlmanlar tərəfini saxladığına və müsəlmanların dostu olduğuna inanmağa başlayırdı, çünki o, hökumətin müsəlmanlara göstərdiyi simasını görür, lakin ermənilərə göstərdiyi simasını görmürdü. Jenya bilmirdi ki, çar hökuməti millətlərin qardaşlığını pozmaq üçün erməni və müsəlman burjuaziyası arasında olan rəqabətdən də istifadə edir. Jenyanın zehnində bir düşüncə yerləşmişdi: ermənilər Zaqafqaziyada mədəni və bacarıqlı bir xalqdır. Onlardan həmişə hökumətə qarşı üsyanlar və çıxışlar gözləmək mümkündür. Buna görə də onları müsəlmanların vasitəsilə məhv etmək istəyirlər. Doğrudan da ermənilər müsəlmanlara nisbətən siyasi duyğularla silahlanmışdılar, lakin bu erməni-müsəlman qırğınının əsas cəhətini təşkil etmirdi. Çar hökumətini rahatsız edən başlıca şey — müsəlman və erməni fəhlələrinin bolşeviklərin rəhbərliyi ilə təşkil olunub, həmrəylik və qardaşlıq əmələ gətirmələri idi. 1903-cü ilin iyul və 1904-cü ilin dekabr tətilləri və bu tətillərdə fəhlə sinfinin həmrəyliyi çar hökumətinin diqqətini Bakıya cəlb etmişdi. Xüsusilə son zamanda müsəlman fəhlələrinin fəallığı hökuməti qorxuya salmışdı. Gənc Jenya çar hökumətini tanısa da, onun xainliyinin və riyakarlığının iç üzünü lazımınca bilmirdi. Kuzminski zabitlər otağına girəndə Jenya da xanımın yataq otağına tökdüyü paltarları yığışdırırdı. Jenya Kuzminskinin oynadığı rolla çox maraqlanırdı. Kuzminskinin, zabitləri kabinetdən bayıra çıxarıb təkbaşına məşğul olması gizli bir məqsədlə əlaqədar olmamış deyildi. Kuzminski olduğu otaq Hacının iş otağı idi. Jenya bir şey hiss etdi və bu hisslə də telefonun yanına yüyürdü. Bir neçə saniyə telefona diqqətlə baxdı. Hacının iş otağındakı telefonun həmişə xanım tərəfindən nəzarət olunduğu üçün xanımın yataq otağında da xüsusi dəstək asılmışdı. Hacı neçə kərə buna etiraz etmişdisə də, xanım bu nəzarətdən əl çəkməmişdi. O, həmişə Hacının kimlərlə danışdığına nəzarət edir, xoşuna gəlməyən adamlarla Hacının danışmasını qadağan edirdi. Jenya qorxa-qorxa dəstəyi götürüb qulaq asmağa başladı. Kuzminski telefonla danışırdı, ancaq kiminlə danışdığı məlum deyildi. Jenya dəstəyi qulağında tutub dayandı. Kuzminski deyirdi: «Necə ki, cənab Fadeyev buyurmuşdur, elə də etmişəm. Sizin passajı kazaklar mühafizə edir. Nikolayevski küçədə olan dükanlarınız da silahlı soldatların mühafizəsi altındadır. Stanislavski küçədə gəzən qoşun dəstələri də ermənilərin hərəkətinə asanlıq və imkanlar yaratmışdır. Bolşaya morskaya və Telefonnı küçələrindəki hadisələrdə qoşun hissələri özünü çox ədəbli aparmışdır. Lakin bəzi ermənilərin müsəlmanları öz evində saxlaması erməni xalqı kimi mədəni bir xalqa heç də yaraşan iş deyil. Halbuki, müsəlmanlar erməniləri qorumaq bəhanəsi ilə evlərinə doldurub kəsirlər. Suraxanski küçədə və Malakan bağı yanlarında yaşayan müsəlmanlar bir çox erməni ailələrini aldadıb evlərinə aparmış, məhv etmişlər. Mən hər halda aldığım tapşırığa görə cahil müsəlmanların qalib çıxmamasına çalışıram. Siz də öz tərəfinizdən təsir etməli, sadə qonşuluq nəzakəti göstərən və müsəlmanları qoruyan erməniləri intizama çağırmalısınız. Hər halda, cənab Lalayev bizim səmimi sədaqətimizdən əmin olmalıdır. Yanınıza gəlmək mümkün olmadığından bu gün saat on ikiyədək olan hadisələr haqqında yazılı məlumat göndərəcəyəm...». Kuzminskinin Lalayevə söylədiyi sözlər, yarım saat əvvəl Hacıya dediyi sözlərin eyni idi, fərq yalnız «erməni» və «müsəlman» kəlmələrində idi. Jenya bu sözlərdən Bakıda oynamaqda olan faciələrin əsasını bilmiş oldu. Bununla da erməni və müsəlman burjuaziyasının həqiqi simasını gördü, onların öz səadətlərini erməni və müsəlman zəhmətkeşlərinin meyitləri üzərində qurmaq istədiyini yəqin etdi; çar hökumətinin, zəhmətkeşlərin həmrəyliyini, zəhmətkeşlərin inqilabi hərəkatına sərf etdiyi qüvvələrini parçalamaq və pozmaq üçün erməni-müsəlman burjuaziyasından istifadə etdiyini, eyni zamanda erməni və müsəlman burjuaziyasının da bir-birinə üstün gəlmək üçün çarın bu xəyanətinə arxalandığını lazımınca təyin edə bildi. Jenya hökumətin erməni və müsəlman burjuaziyasına arxalanaraq, qalib gəlmək istədiyini təsəvvür etdikcə qəlbində çarın agentləri olan milyonçulara qarşı bəslədiyi nifrəti daha da artırdı. Jenyanı çağırdılar. Zabitlərə günorta yeməyi hazırlanırdı. Süfrəni idarə edəcək qulluqçular az olduğundan həmişəki kimi xanımın qulluqçu qızları səfərbərliyə alındı. Bütün ömrü boyu xalqın boynunda gedən, xalqın qanını sorub damarlarına dolduran, yeri gəldikdə xalqı çar hökumətinə ucuzcasına satan və eyni zamanda özünə «millətin babası» damğasını yapışdıran Hacı, Bakını zəhmətkeş qanına boyayan çar zabitləri ilə bir süfrədə oturub yemək yeyirdi. Yüzlərcə erməni və müsəlman yoxsullarının qan çalalarında can verməsini təşkil edənlər qırmızı şərabları qədəhlərə doldurur, bu qırğınların başçıları olan Nakaşidzenin, Hacının və başqalarının şərəfinə içirdilər. Kuzminski yenə də yeknəsəq sözlər deyir, tökdüyü qanların mükafatı olan yağlı və ləzzətli xörəklər yeyirdi. Yemək bitməmişdi, miralay Kuzminskiyə general Fadeyevdən gələn mühüm bir telefonoqrammanı verdilər. «7 fevral 1905-ci il. Saat 3—5 dəqiqədə. General Fadeyevdən miralay Kuzminskiyə. On dəqiqə bundan əvvəl bizim aldığımız xəbərlərə görə, Bayıl-Bibiheybət rayonunda Pyotr Montinin təşəbbüsü ilə üç min nəfərlik bir mitinq düzəlmişdir. Montin, mitinqin qarşısında şəhərə hücum etmək, hökumətə erməni-müsəlman qırğınını yatırmaq tələbini vermək, tələbi yerinə yetirməsə, polis və qubernator idarəsinə hücum etmək məsələsini qoymuşdur. Bu qorxulu hadisənin qabağını almaq üçün Səlyan alayının bir taboru ilə bərabər bir eskadron kazak götürüb Bayıl-Bibiheybət rayonu ilə şəhərin əlaqəsini kəsmək lazımdır. Lazım görülərsə, qəti tədbirlər görülməsinə icazə verirəm. Fadeyev». * * * Susanna Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı. Müraciətnamələr çox tez hazırlandı. Onları fəhlə dairələrinə aparıb lazımi yerlərə paylamaq çox çətin idi. Buna baxmayaraq müraciətnamələri yaymaq üçün vəzifələr bölündü, Vasya ilə Əsgər də Balaxanı — Sabunçu rayonuna getməli oldu. Rayonlara ancaq qaranlıqda getmək lazım idi; polis, jandarm və qoşun dəstələri şəhər ilə rayon arasını ciddi nəzarət altına almışdı. Bolşeviklərin təşəbbüsünə qarşı və düzəldilmiş xəyanətə onların əngəl törətməsinə mane olmaq üçün ciddi tədbirlər görülmüşdü. Vasyanın Balaxanı—Sabunçu rayonuna gedib-gəlməsi çox da uzun çəkmədi. O, evə qayıdanda gecə saat üçü vururdu. Həyətə girəndə, keçən gecə olduğu kimi, otağında lampa yandığını gördü. Susanna hələ yatmamışdı. Vasyanı gözləyirdi. Vasya içəri girəndə Susanna çox sevindi. – Nigaran qalmışdım, — dedi. — Belə qorxulu zamanda çölə çıxmaq heç lazım deyil. Salamat evə dönəcəyinə heç ümidim yox idi. Güllə göydən yağış kimi yağır. Ölmək ani bir hadisədir. Mən səndən çox rica edirəm ki, bir də belə cəsarətləri etməyəsən. Doğrusu, bu gün mən çox qorxdum, çünki atışmalar heç dayanmırdı. Vasya qıza fikirli-fikirli baxdı: – Əfv ediniz! — dedi. — Qonağı evdə təkbaşına qoyub gecə saat üçdə evə qayıtmaq yaramaz; ancaq mən buna məcbur idim. – Belə bir gündə nə kimi məcburiyyət ola bilər? – Rayonda qohumlarımız vardır, onlardan xəbər tutmaq lazım idi. – Qohumlarınız hansı rayondadırlar? – Balaxanı — Sabunçu rayonunda. – İndi ki, sən ora gedəcəkdin, nə üçün mənə söyləmədin? Mən sənə bir kağız yazıb verərdim; sən bilirsən ki, evdə nigarandırlar. – Mən özüm bir parça kağızı əvəz edə bilməzdimmi? – Doğrudan da bizim evimizə getdinmi? – Əlbəttə ki, getdim. Əsil məqsədim də bu idi. Susanna ayağa qalxıb Vasyanın əlini sıxdı. – Mən nə qədər doğru düşünürmüşəm. Mən birinci kərə səni görən kimi ləyaqətli bir oğlan olduğunu yəqin etdim. Mən bu iki günün müddətində bir il dostluq edən adamlar kimi sənə bağlanıb ülfət tutmuşam. Anam mənim haqqımda nə söylədi? De görüm, sən onun gözlərinə baxdınmı? O mənim üçün ağlamışdımı? De görüm, o mənim sağ qaldığıma inandımı? Sən onu təskin edə bildinmi? Doğrusunu söylə; onlar məni mühafizə etdiyinə qarşı sənə lazımınca razılıq verə bildilərmi? Onlar səni layiqincə qəbul elədilərmi? Vasya qoynundan bir məktub çıxartdı. – Bu məktubu sənə anan yazmışdır, — dedi. — Mən birinci kərə onunla görüşürkən, sənin anan olub-olmadığını bilmək üçün onun gözlərinə baxdım. Gözləri qaradır, gözlərinin ağı da tam mənasilə ağdır. Onun ağladığını görmədim; lakin gözləri qızarmışdı. Bu onun ağladığını göstərirdi. Susanna məktubu gah döşünə qoyur, gah da dodaqlarına tutaraq ağlayırdı. Vasyanın ona ürəyi yandı, onu sakit etməyə çalışdı, əlini onun çiyninə qoyub dedi: – Mənim əziz qonağım! Ağlamaqdan nə çıxar? Sənin vəziyyətin o qədər də çıxılmaz bir vəziyyət deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. Sən bilməlisən ki, ailəni gördükdən və sənin haqqında məlumat verdikdən sonra, onlar tamamilə arxayın olmuşlar və sənin salamatlığından şadlanmışlar. Heç də ağlama! Məktubu aç oxu, o sənin qəlbinə təskinlik verər. Susanna məktubu açıb oxumağa başladı: «Əziz qızım Susanna! Biz elə bildik ki, sənin başına bir fəlakət gəlmişdir. Çünki şəhərdən çox qorxulu xəbərlər eşidirdik, lakin bu gün Vasili bizə müjdə gətirdi! Mən onun ayaqlarına düşüb, öpmək istədim; o razı olmadı. Biz onu qonaq saxlamaq istədik, o tələsirdi, qalmaq istəmədi. Qızım, indi ki, Vasili səni mühafizə edib evində saxlayır, ondan razı qal, hələlik bayıra çıxma! Burada da işlər qorxuludur. Bu oğlan namuslu adama oxşayır. Danışığından ziyalı adamdır. Sənin üçün pul göndərmək istəyirdik, razı olmadı. Anan Sara, 7 fevral 1905». Susanna məktubu oxuduqdan sonra Vasyanın iki əlindən tutaraq dedi: – Üç tərəfin üçündən də arxayınam. Özüm də salamatam, anam və ailəm də salamatdır; şükür olsun ki, sən də salamat qayıtdın. İndi mənə söylə görüm yemək istəyirsənmi? – İstəyirəm. Səhər evdən çıxandan bəri dilimə bir şey dəyməmişdir. Susanna durub yeməyi gətirdi. Çay da hazır idi. Süfrə başında Susanna dedi: – Səndən nigaran qalmışdım. Mənim üçün sən olduqca qiymətlisən. Söhbətlərin də mənim ruhuma uyğun söhbətlərdir. Lakin gecə keçdiyi üçün söhbətləri sabaha saxlamaq lazımdır. Vasya özünü başqa bir aləmdə hiss edirdi. O, indiyə qədər işdən çıxıb evə gəldiyi vaxt nə isti xörək, nə də isti çay görmüşdü. İndi o özünü ailəli bir evdə hiss edirdi, sevinirdi. Gözəl, gənc, özü yaşda bir qız onun nazını çəkir, yedirir, yeməyin ən yaxşısını ona verirdi. Vasya bir də öz yoxsul otağına göz gəzdirdi. Otaq əvvəlki otağa bənzəmirdi. Təmizlənmiş, yuyulmuş və silinmişdi. Otağın tavanında Vasyanın bir ildən bəri çəkdiyi maxorkanın tüstüsünün izi də qalmamışdı. Daha künclərdə, tavanda hörümçək toru görünmürdü. Qablar və başqa şeylər yuyulmuş, təmizlənmiş, hər biri öz yerinə qoyulmuşdu. Vasya bir bunları, bir də qızın gözəlliyini və əynindəki qiymətli paltarları gözdən keçirib heyrətlənirdi; «Bu qızla əbədi ailə həyatı qurmaq nə qədər böyük bir səadətdir!» deyirdi. Vasya bunları düşünürkən Susanna da qabları təmizləyir, süfrəni yığışdırırdı. Vasya Susannadan heç göz götürə bilmirdi. Bunu Susanna da hiss edirdi; gözünün uçu ilə Vasyaya baxır və gülümsünürdü. Vasya paltosunu götürüb yatmağa qonşu evə gedərkən Dan ulduzu Nargin adasının dalından boylanır, Susannanın pəncərəsinə baxırdı. * * * Fevralın səkkizində öldürmə və qarət hadisələri daha da şiddətləndi. Gubernski, Suraxanski və Sisianovski küçələrdə talan edilməmiş ev və mağazin qalmadı. Talançılar müsəlman evinə, erməni evinə fərq qoymur, hər ikisini talan edirdilər. Talanlarda erməni, müsəlman və ümumiyyətlə yerli əhali iştirak etdiyi kimi, küçə hambalları və iranlılar da iştirak edirdilər. Suraxanski və Voronsovski küçələrin tinindəki Aslanovların evi qarışıq soyğunçular tərəfindən talan edilmişdi. Şəhərin başqa hissələrində də soyğunçuluq və adam öldürmə hadisələri artırdı. Bulvar tərəfdə qızğın surətdə adam öldürmək və qarət etmək hadisələri davam edirdi. Yanğınlar əmələ gəlirdi. Suraxanski, Voronsovski, Gubernski və Bulvar tərəflərini Dağıstan alayının bir hissəsi və yanğın keçirən dəstələr əhatə etmişdi. Çar jandarmeriyası və çar polisi Bakı şəhərini özlərindən bir qat daha etibarlı olan qarətçilərə, quldurlara, adam öldürənlərə tapşırmışdı. Şəhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. Qorodovoylar da öz postlarında görünmürdülər. Bu gecə hər kəsin əli varsa, öz papağını başında saxlamalı idi, hər kəs öz qarovulunu çəkməli, malını və canını qorumalı idi. Bu gecə Vasya bayıra çıxmaq istədi, lakin Susanna mane oldu. Həyətdə yaşayan adamlar da heç bir tərəfə getməmişdilər, onlar da öz küçələrində qarovul dəstələri təşkil etmişdilər. Vasya da öz vaxtında növbəyə getməli idi. Vasya oturub Pavluşanın Bibiheybətdən qayıdıb-qayıtmamasını düşünür və Jenyanın belə bir mühüm gündə komitənin ixtiyarında olmamasına təəssüf edirdi. Susanna ona dedi: – Sən bu gün tamamilə dəyişmişsən, dünən belə deyildin. Vasya fikirli bir surətdə dedi: – Doğrudur, bu gün vəziyyət də dəyişmişdir. Kütlələr ölüm və talanlar qarşısında qalmışdır. Bu kimi hallara qarşı qeydsiz qalmaq mümkün deyildir. Hökumət açıqdan-açığa xalqı bir-birinə qırdırır. Bu fəlakətin qabağını almaq üçün əldə heç bir vasitə yoxdur. Hələ bu hadisənin rayonlara təsir etməsi də mümkündür. Hökumət fəhlə sinfinin qardaşlıq və həmrəylik düzəltməsini belə qarşıladı. Təəssüf ediləcək bir hal da budur ki, biz bu hadisələri öz vaxtında hiss etmədik, birinci güllə açılana qədər biz bu hadisələri bir şayiə hesab edərək durduq. Susanna Vasyanın sözlərinə diqqətlə qulaq asırdı. Vasya sözünü qurtardıqdan sonra o fikirli-fikirli dedi: – Məsələ işi öz vaxtında hiss edib-etməməkdə deyildir. Siz bunu vaxtında hiss etsəydiniz də qabağını ala bilməyəcəkdiniz. Azsınız. Hələ bu günə qədər burjuaziyanın iç üzünü anlamayan bir çox fəhlələr vardır. Onlar bu vuruşmalarda burjuaziyanı tanıyacaq, onun ikiüzlü siyasəti haqqında məlumat əldə etmiş olacaqdır. Mən sənin hansı cəbhədə çalışdığını bilmirəm, bunu bilsəydim daha açıq danışardım. Mənə qalırsa, fəhlələr üçün bolşevik platforması daha əlverişlidir. Mən Şendrikovun bacısı olmasaydım, bolşeviklər mənə inansaydı, onlarla birlikdə işlərdim. Lakin bunu bilirəm ki, onlar mənə inanmayacaqlar. Buna haqları da vardır. Bir damın altında, bir havada yaşayanların bir-birindən xəstələnəcəyi nəzərə alınsa, mənə etibar edilməyəcəyi təbiidir. Lakin mən fikir və əqidəcə olduqca müstəqil bir qızam. Menşevik hərəkatı pis bir hərəkat olsa da, mən yenə də hərəkat içində böyümüşəm, mübarizə yollarını çox gözəl bilirəm. Öhdəmə düşən vəzifələri gözəl ifa edə bilərəm. Şüurlu və idraklı fəhlələrdən heç də geri qalmaram. Vasya tərəddüd içində qalmışdı. Öz-özünə deyirdi: «İnanımmı? İnanmayımmı?» Susanna əllərini bir-birinə sürtərək dedi: – Mən çalışmaq istəyirəm. Doğrusu, menşevik xətti-hərəkəti çox da oynaq deyildir. Bu məfkurə intibahverici bir xüsusiyyət daşımır. Hərəkətləri ürək sıxıcıdır. Yolları səadət yolu deyildir. Mən bunu qardaşlarıma da demişəm. Demişəm ki, siyasi intibahdan məhrum olan bir məfkurənin gələcəyi yoxdur. Əslinə baxsan bizim ailədə məfkurə mübarizəsi gedir. Mən heç də qardaşlarımla razılaşa bilmirəm. Qardaşlarım həmişə təşkilata qoşulmağı mənə qadağan edirlər: «Hələ gəncsən, müstəqil fikir sahibi deyilsən» deyirlər. Mən onların yanında siyasi söhbətlərdən də çəkinirəm. Vasya papirosunun ucunu külqabına basıb keçirdi, dedi: – Doğrudur, menşevik həyatı quru və marağsızdır. Orada siyasi intibah yoxdur. Bunu onlardan tələb etmək də doğru deyildir. Onlarda siyasi intibah olsaydı, menşevik olmazdılar. * * * Vasya menşeviklər təsirində Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər. Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü. Əsgər bir neçə dəfə Vasya yaşayan həyətə gəlib soruşmuşdu, qonşular isə hər dəfə «Qızla getmişdir. Qızı Balaxanı — Sabunçu rayonuna apardı. Filan yerə getdilər» — deyə cavab verirdilər. Nəhayət, Əsgərlə Pavluşa sözləşib Vasyanı Balaxanıda tapmaq qərarına gəldilər. Yola düşdülər. Stansiyaya gəldilər. Birinci qatar hələ getməmişdi. Ətrafa göz gəzdirdilər, Vasyanı görmədilər. Vaqona minib, Sabunçuya getdilər. Onlar Nobel qardaşlarının fəhlə evlərinə qalxan pilləkənlərdə oturub danışırdılar. Pavluşa deyirdi: – Biz indi tək qalmışıq. Qəzər öldürüldü, Ayrapet vərəm yorğan-döşəyinə düşdü, Jenya da milyonçular qərargahında... Üzü qara olmuş Vasya isə bir menşevik bacısının quyruğunda... Qalan bir sənsən, bir mən, bir də Məmməd. Biz də ki, düşmüşük bu alçağın dalınca. Əsgər cibindən dəsmalını çıxartdı, onun ucuna düyümlədiyi tütündən bir papiros düzəltdi, bir papirosluq da Pavluşaya verdi. Hər ikisi papirosdan bir-iki nəfəs çəkib yenə söhbətə başladı. Əsgər ona ürək verərək dedi: – Ruhdan düşmə! Əvvələn Vasyanın bizdən ayrılıb getməsi məlum deyildir, ikincisi də, biz tək deyilik: Xanlar Səfərəliyev var, Ayrapetin şagirdi Heybət böyüyür... O ki qaldı Jenyaya, mən yenə də onun barəsində səninlə razılaşa bilməyəcəyəm. – Nə üçün? – Çünki sən də, Vasya da bu barədə səhv edirsiniz! – Necə səhv edirik? – Bu saat deyim: Vasya Jenyaya əksinqilabçı adı verib, bir tərəfə atmışdır. Onun fikrincə hər kəs Hacı Zeynalabdın Tağıyevin qapısından içəri girsə — əksinqilabçıdır. Onun fikrincə gərək heç kəs varlının evində, varlının müəssisəsində işləməsin. Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: «Rusca danışdın — kafirsən. Furajka qoydun — kafirsən. Başını qırxdırmadın, tüklü qoydun — kafirsən». O öz gözündə tiri seçmir, özgə gözündə qıl axtarır. Bu, adamı lap hövsələdən çıxarır. Sən Şendrikovun bacısı Susanna ilə gəzmiş olsaydın, o səni xain adlandırardı. Bu, Vasyada bir xasiyyətdir. Sənə gəldikdə, sən Jenya haqqında daha pis fikirdəsən. – Mən ona nə yamanlıq etmişəm ki? – Sən onu mənim rəhmətlik anam Xırdaxanımın küpünə salmısan! – Bu nə sözdür? – Sən bizim bağçanın divarlarını görmüsən ki? – Görmüşəm. Jenya məsələsinin bağça divarına nə dəxli vardır? Vasya deyən kimi baş-ayaq vurursan! – Sən mənim sözümə qulaq ver! Səndən soruşuram: bizim bağçanın divarlarını görmüsən ki? – Görmüşəm. Çox uca divardır. – Bizim hovuz başındakı tut ağacını da görmüsən ki? – Görmüşəm. Nə olsun ki? – Küçədən birisi baxarsa, o tut ağacı görükməz ki? – Görükməz, tut ağacı alçaqdır, divar isə ucadır. – İndi qulaq as! Mənim atam Güloğlan kişini də tanıyırdın ki? – Niyə tanımırdım! – İndi ki, tanıyırdın, sənə onun xasiyyətlərindən birisini deyim. Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. Bizim evimizdə erkək it və erkək pişik də olmamışdır. Atam deyərdi ki, gərək arvadın gözü erkək adama və erkək heyvana sataşmasın. Günün birində rəhmətlik anam tut yemək üçün ağaca çıxır, atam acıqlanır: «küçədən sənin boyunu görərlər» — deyə çıxıb anamı tut ağacında döyür; anam ağacdan yıxılır, qabırğası sınır. Yazıq anam iki il yorğan-döşəkdə yatdı. Axırda da bu dərddən öldü. Sən də Jenyanın başına bu oyunu gətirmək istəyirsən. Onu müsəlman kimi qısqanırsan. Qısqandığın bəs deyil, onu tamamilə məhv etmək istəyirsən. Özəyə ərizə verib onu partiyaya düşmən göstərməyə çalışırsan. Bu hərəkət, köhnə, qeyrətdən dəm vuranların hərəkətidir. – Bilmirəm səbəb nədir ki, həmişə Jenya məsələsi aralığa gələndə, sən onu müdafiə edirsən? Bir neçə həftə bundan əvvəl sən onu aparıb yola salanda, yolda mənim barəmdə onun nələr dediyini mənə deməmişsən. Əsgər acıqlandı: – Sən nə danışdığını bilirsənmi? Əvvələn, budur ki, Vasya kimi söz gəzdirməyi, Jenyadan sənə, səndən də Jenyaya söz aparıb gətirməyi bacarmıram. İkincisi də, mən həmişə Jenyanı müdafiə etməliyəm. Mən kiçik yaşımdan onun atası Sergey Vasiliçin əlinin altında böyümüşəm. Onun bircə qızı vardır. Mən ölüncəyə qədər onu müdafiə etməliyəm. Hərgah o qız xain, əksinqilabçı bir qız olsaydı, Sergey Vasiliç onu evə buraxmazdı. Madam ki, Sergey Vasiliç onu öz doğma qızı olaraq tanıyır və evinə gələndə onu qolları arasına alıb öpür, biz də onu «Sergey Vasiliçin qızıdır» deyə hörmətli bir yoldaş kimi müdafiə etməliyik... Sən öləsən, həyalı qızdır. Uruslarda Jenya, müsəlmanlarda isə mənim Suğra xanımım kimi qız yoxdur! Pavluşa dedi: – Yox, Əsgər! Məsələni belə qoymaq doğru deyil! İndi ki, sən məsələni belə qoyursan, onda bəs nə üçün neçə gündən bəridir ki, məni Vasya məsələsi üstündə dənk eləmisən? Vasya da özü üçün kimi seçirsə seçsin. – Sən heç vaxt Jenyanı Şendrikovların bacısı Susanna ilə bir tuta bilməzsən! Vasya boşboğazdır. Demaqoqdur. Biz Vasyanın Susanna ilə gəzmək məsələsinə bu yoldan deyil, tamamilə başqa bir yoldan yanaşırıq. Bizim əl-ayağa düşməmiz Vasyanın özü üçün deyil, təşkilatın mənafeyini müdafiə etmək üçündür. Vasya təşkilatın üzvüdür. Bir də sən cəsarət edib, mənimlə Jenyanın nə danışdığını soruşma; o bizim öz işimizdir. O mənim partiya yoldaşımdır. Sənə xəbər verilməli bir söz olsaydı, soruşmadan da gəlib sənə deyərdim. Sənə bir sözüm də var: sən gəl, Jenya məsələsini burax! Axırda Jenya səndən də, məndən də, Vasyadan da yaxşı partiyalı olacaq. Mən buna inanıram! Pavluşa: – Şeytan qız, özünün yaxşı partiyalı olduğuna səni də inandırmışdır, — deyib susdu, Əsgər də danışmadı. Hər ikisi gözləri qabağında yüksələn buruqlara baxdı. Nə kəlləçarxların cırıltısı, nə də mazut səsi gəlirdi. Qayışsız təkərlər, müharibədə dağılmış top təkərləri kimi böyrü üstündə yatırdı. Motorları aparılmış elektrik damlarının qapısında çəkilən kəllə şəkli «Əl vurma, öldürər!» sözünə baxıb gülürdü. Kəlləçarxdan asılan mazut dolları, dar ağacından asılan məhkumlar kimi sallanırdı. Yanmış buruqların skeleti, çar xəyanətinin qara hejkəli kimi baxırdı. Coşqun həyata malik olan mədən sahələri, ibtidai xalqlardan qalmış köhnə qəbristanlara oxşayırdı; yanmış qara sütunlar mənhus bir hadisənin tarixini oxuyurdu. Qatar Bakıdan gəldi. Vasya oğru adam kimi vaqondan düşdü, ətrafına baxdı, tanış adam olub-olmadığını gözdən keçirdi, sonra Şendrikovların evinə sarı yollandı. Pavluşa Əsgərə dedi: – Nə deyirsən? Saxlayıb sözümüzü deyək? – Sözümüzü deməyəcəyiksə, şəhərdən bura nə üçün gəlmişik? – Mən dedim ki, bəlkə sən ona bəzi sözlər deyəcəksən? – Yaxşı, sən deyə bilməzsən? – Nə üçün deyə bilmərəm?! Amma burası var ki, mən qız ilə gəzməsi barəsində bir söz deməyi bacarmaram. – Bunun səbəbi nədir? – Səbəbi odur ki... – Necə yəni, odur ki? – Elə belə də... Çünki mənim özüm də bir qızın dalınca gəzirəm. – O hansı qızdır? – Jenya. – Bunun məsələyə nə dəxli var? – Var! Vasyanı mən necə Susanna ilə gəzməkdən sağındıra bilərəm? Halbuki mən də milyonçu evində yaşayan qızla yaxından tanışam və gəzirəm. Bu sözdən Əsgərin çini başına vurdu. – Ada, ay avam, sənə səhərdən bəri bir aləm söz demişəm, yenə də ağlın başına gəlməyib?! Sən yenə də Jenya ilə Şendrikovların bacısı Susannanı bir tutursan? – Yaxşı, bunu sonra danışarıq. Əsgər pilləkəndən düşdü, Vasyanı səslədi: – Ada, Vasili, Vasili!.. Vasya özünü bilməməzliyə vurub, aradan çıxmaq istədi. (Əsgərin səsindən tanımışdı). Əsgər yenə də səslədi: – Ada, səninlə deyiləmmi? Dayan! Səninlə işim var. Vasya dayandı və heyrətlə arxasına baxdı, sanki Əsgərin əvvəlki çağırışını eşitməmişdi. Əsgər soruşdu: – Hara gedirsən? – Sergey Vasiliçin görüşünə! – Mənə kələk kəlmə. Sergey Vasiliçin evi bu tərəfdə deyil. – Hə, doğrudan da elədir... Əsgər, sən öləsən, adamı fikir elə götürmüş ki, hara getdiyini və nə danışdığını da bilmir. Əsgər diqqətlə onun üzünə baxıb dedi: – Əvvələn budur ki, özün öləsən! Xırdaxanım sağ deyil ki, ikinci bir Əsgər doğsun; ikincisi də budur ki, sən hara getdiyini çox gözəl bilirsən, fikrin də başındadır, nə düşündüyünü də bilirəm. Eybi yoxdur, dalımca gəl. Vasya bir söz demədən onun dalınca düşdü. Pavluşa da gəlib yetişdi. Vasya Pavluşanı gördükdə aralıqda bir ixtilaf çıxacağını yəqin etdi. Şübhəsini sezdirməyərək soruşdu: – Sən də burada imişsən ki?! Onlar mədənlərdən və fəhlə evlərindən uzaqlaşdılar. Sabunçunun yaxınlığında şor suyun yanındakı kiçik bir təpəyə çıxdılar. Əsgər istehzalı bir gülüşlə Vasyaya dedi: – Otur görək, cənab Vasya! Vasya Əsgərə təəccüblə baxaraq: – Görünür ki, mən «cənab» ləqəbini təzə qazanmışam. – Bəli, bu ləqəbin tarixi fevralın altısından başlamışdır. – Necə fevralın altısından? – Bu o deməkdir ki, Şendrikovlardan sənə ancaq bir «cənab» ləqəbi yetişəcəkdir, çünki onlarda bundan başqa bir şey yoxdur. Pavluşa heç bir söz demədi. O, ancaq Əsgərin danışmasını gözləyir, əlindəki ağac qırığı ilə yeri qurdalayırdı. Əsgər Vasyanın çiynindən tutub silkələdi: – Sən yatmısan, ayıl! Mən səni Şendrikovların əlindən qurtarmaq istəyəndə, sən elə bilmə ki, sənin menşevik qərargahına düşməyinlə biz böyük bir şey itirəcəyik! Mənim bütün çalışmağım ondan ötrüdür ki, sən yazıq olmayasan, sənin adın bizim çərkəmizdən silinməsin, çəkdiyin zəhmətlər hədərə getməsin. Vasya, onu yaxşı anla ki, fəhlə hərəkatı o qədər ciddi və geniş bir hərəkatdır ki, onu tək-tək adamların ayrılması dayandıra bilməz! Biz bilirik ki, başladığımız işdə bəzilərinin xəyanətinə də rast gələcəyik. Çünki işin əvvəlidir, möhkəm fikrə malik olmayan adamların cərgəmizdə qalmayacağı şübhəsizdir. Bu kimi adamların bir parasını partiya özü kənara atacaq, bəzilərinin də özü bizimlə xudahafizləşib gedəcəkdir. Sən bizim partiyadan gedərkən, bizdən heç bir şey aparmırsan. Vasya başını qaldırıb Əsgərdən soruşdu: – Bununla nə demək istəyirsən? – Mən demək istəyirəm ki, biz yaxınlarda ayrıldığımız menşeviklərin xasiyyətlərindən birkərəlik silkinməlisən! – Hansı xasiyyətlərdən? – İkiüzlülükdən! – Mən ikiüzlüyəmmi? – İkiüzlüsən! Bizimlə bir bolşevik kimi danışırsan. Şendrikovların yanında isə özünü bir menşevik kimi aparırsan. Sən onu bil ki, bizim partiyanı aldatmaq olmaz. Bolşeviklər sən gördüyün menşeviklər kimi əqidə dəllalları deyillər. Sən indi bizdən ayrılmışsan. Bir düşün, gör sən kim idin, indi dönüb nə olmusan?! Sən xətti-hərəkət məsələsi qoyulanda durub Şendrikovların şələsini dalına sarıyırdın. İndi də gedib onların bacısının qolundan tutub gəzdirirsən. Sən Pavluşanı təngə gətirmişdin: hər gün Jenyanın milyonçu evində olmasını onun başına çırpırdın... Vasya onun sözünü kəsdi: – De görüm, məndən nə istəyirsən? Sənin həmişə peşən budur, sən heç yoldaşlarla soyuqqanlı danışa bilmirsən! – Mən soyuqqanlı olmasaydım, adımı «Barıt Vasili» qoyardılar. Vasya təəssüfedici bir halda dedi: – Məni yandıran budur ki, sən öz dilinlə danışmırsan, sənə bu sözlərin hamısını Pavluşa öyrədibdir. Yaxşı olar ki, Pavluşa özü danışaydı, mən də onun cavabını verəydim. O, mənim Jenya barəsində dediklərimi, indi sənin vasitənlə yazıq Susannanın haqqında deyir. Sənə bir söz deyim: sənin xasiyyətin geniş kütləni partiya ətrafına cəlb edə biləcək bir xasiyyət deyil! Hazırda tənqiddən uçuz şey yoxdur. Şəxsi düşüncələrdən doğan tənqid bir parça gərəzdən ibarətdir. Onlar tənqid deyil. Bu məsələ Jenyanın məsələsinin ardıdır. Pavluşa belə işlərlə öz günahını yumağa çalışır. Bunların hamısı, mənim yaxşılıqlarımın əvəzidir. Mən həmişə onu Jenya gedən yoldan qaytarmağa çalışmışam. O ki, qaldı sən Əsgərə, onu bilməlisən ki, mən hər bir qorxu ilə yerimdən oynayan adam deyiləm. Sözünü qəti de görüm nə istəyirsən?! Get mənim məsələmi harada qoyursan qoy! Pavluşa Vasyanın Əsgərə qarşı qəti vəziyyət aldığını görüb özünü saxlaya bilmədi: – Özünü çox da öymə! — dedi. — Əsgərin çox haqlı olaraq dediklərini eşit! Əsgər yaman günün Əsgəridir. Mən sənin haqsız sözlərinə boyun əydim; Jenya barəsində dediyin yaraşmayan sözlərə etiraz etmədim, günahsız qızı sənin üzündən neçə dəfə təhqir etdim. Sən isə öz səhvini boynuna almırsan. Sən həmişə danışanda ölçüsüz və düşüncəsiz danışırsan. Əcəba, oturub yoldaşcasına danışa bilmərsənmi? – İş yoldaşcasına oturub danışmağa qalsaydı, məni çəkib çölə gətirməzdiniz. Mənim evim var. Məni bura qorxutmağamı gətirmişsiniz? – Səni evdə tapmaq olurmu? Əsgər yenə də sözə başladı: – Səni evdə nə vaxt tapmaq olar? Bir Məcnun olub düşmüsən Leylinin dalınca. Vasya, «Məcnun, Leyli» sözünün mənasını anlamadı, təəccüblə dedi: – Bəli, bu da təzə çıxdı. İndiyə kimi Susannanın dalınca gəzdiyim üçün söyürdünüz, indi də təzə tanışım tapılıb, Leylinin dalınca düşmüşəm. Əcəba, bu kimi bir iftira sənə yaraşarmı? Bax, bu cürə yersiz sözlər adamı yerindən oynadır. Bir halda ki, mənim Leyli adlı qızla görüşdüyüm və tanışlığım yoxdur, onu götürüb burada mənim üçün material qayırmaq — yoldaşlığın qəbul edəcəyi işlərdən deyildir. Əsgər güldü: – Ada, mən sənə nağıldakı Leylidən deyirəm. Bir nəfər Məcnun var idi, Leylini sevirdi... – İndi ki, nağıl deyirsən, daha mənim nağılçılarla işim yoxdur! Məcnun Leylini sevibdir, ondan ötrü də mən söyülməli imişəm?! Pavluşa da güldü. Vasyanı baş salmağa başladı: – Əsgər nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal gətirdi. Dedi ki, sən də Məcnun kimi Leyliyə bənd olub, hər şeyi atmısan. Sən Susannanın gözəlliyi səbəbinə hər şeydən uzaqlaşmaq, menşeviklərə, hətta Şendrikovlar kimi provakatorlara yanaşmısan. Vasya, sən burjuaziyanın namussuzluğundan xəbərdar deyilsən. O, öz işləri üçün öz qızlarından, namusundan da keçə bilər. Sən onu bil ki, sənin boynuna salınan qollar, ilandan daha zəhərlidir. O qollar səni menşevizm zəhəri ilə zəhərləyəcəkdir. Qız çox gözəl qızdır. Ailə vəziyyətləri də yaxşıdır, lakin o qızın sənə yaxın gəlməsi müvəqqəti bir şeydir. Bir də sən onların tayı deyilsən. O qollar sənin boynunu uzun zaman qucaqlamayacaqdır. O qız ancaq sənin boynuna deyil, bir çoxlarının boynuna qol salmaq üçün köndəriləcəkdir. Sən bunu öz vaxtında anlamalı və onu özündən uzaqlaşdırmalısan. Vasya Pavluşanın sözünü yarımçıq qoyaraq: – Bunlar şəxsi işlərdir, — dedi, — daha doğrusu xırdaçılıqdır. Bu cür işlər üçün də bolşevikin öz yoldaşından haqq-hesab istəməsi doğru deyildir. Mən özüm də bu barədə səhv etmişəm. Mən bunu bir həqiqət olaraq anladım ki, kommunist və bolşevik təhkimçilik intizamı yox, yoldaşlıq intizamı, partiya intizamı daşımalıdır. Mənim Şendrikovun bacısı ilə gəzməyimdə heç bir cinayət yoxdur. Bunlar şəxsi işlərdir. Pavluşa darıxmış bir halda dedi: – Əvvələn, partiya öz üzvünün şəxsi işinə də qarışmalıdır. İkincisi, bu şəxsi məsələ deyildir! O qızı sənin yanına köndərə də bilərlər. Bunu da sənin gözəlliyin, var-dövlətin üçün deyil, səndəki gizlin sirləri almaq üçün edərlər. Sən özün çox asan və çox ucuz satıla bildiyin halda, mənə Jenya ilə barışmağa mane olurdun, halbuki biz Jenyanı beş barmağımız kimi tanıyırıq. Vasya, əlinə fürsət düşmüş adamlar kimi, ayağa qalxdı, əlini şalvarının cibinə soxub dedi: – Çox gözəl... Mən də səndən bu sözü gözləyirdim. Madam ki, Jenya ilə barışmaq mümkün imiş, o halda Susanna ilə tanış olmağın nə eybi vardır? Onlardan birisi burjuaziya qərargahında olur, o birisi isə menşevik bacısıdır. Zənnimcə sən də, Əsgər də bekarsınız, bunların hamısı da bekarçılıqdan doğur; halbuki bizim yüzlərcə görülməli işimiz vardır. Əsgər ona belə bir sual da verdi. – Sən Şendrikovun bacısından əl çəkəcəksənmi? Vasya qəti dedi: – Yox! Mən şəxsi məsələlərdə azad olmaq istəyirəm! Bu barədə danışmağı artıq hesab edirəm. Əsgər ayağa qalxdı: – Elə isə mən də danışmağı artıq hesab edirəm! — deyib yola düzəldi. Pavluşa da onun dalınca getdi. * * * Bazar günü idi. Jenya evlərinə getmək üçün Balaxanı — Sabunçu dəmir yolu vaqonundan düşəndə Vasya da Susannanı şəhərə gəzməyə aparmaq üçün qolundan tutub vaqona qaldırırdı. Jenyanı heyrət götürdü. Vasya tanıdığı Vasya deyildi. Onun paltarları da əvvəlkinə nisbətən dəyişmiş və təmizlənmişdi; buna baxmayaraq, Vasya qolundan tutduğu qız qədər yaxşı geyinməmişdi. Qatar hərəkət edənə qədər Jenya durub qıza baxdı. Jenyanı düşündürən bir şey idi; o qədər yaxşı geyimli, gözəl bir qız Vasya kimi yoxsul bir fəhlə ilə nə üçün maraqlanır? Qızın şlyapasının ağ ipək qotazı Vasyanın qara saçlarına qarışarkən, Jenyanın düşüncəsində də Vasyanın gələcəyinə dair qara və dumanlı fikirlər doğurdu. Qatar hərəkət etdi. Jenya evlərinə getdi. Pavluşa ilə Əsgər də orada idilər. Jenya ata-anası ilə görüşdükdən sonra əvvəlcə Əsgərin, sonra da Pavluşanın əlini sıxdı. Paltosunu çıxartdı, oturdu. Başını tərpədərək öz-özünə güldü. Sergey Vasiliç yorğanı çiyninə salıb, yerinin içində oturmuşdu. Pavluşa onunla menşeviklərin dövlət duması tərəfdarı olması haqqında söhbət edirdi. Jenyanın başını tərpədərək gülməsinə Sergey Vasiliçdən başqa heç kəs diqqət verməmişdi. Sergey Vasiliç qızın bu istehzalı gülüşünə tamamilə başqa məna vermişdi. – Dünya belədir, — dedi. — İnsan yeni bir həyata daxil olduğu zaman, köhnə həyat ona yad görünər. İndi bizim də həyatımız sənə gülünc görünür, çünki sən bu həyatdan çoxdan ayrılmışsan. İndi bizim evin quruluşu sənə olduqca ölçüsüz-biçimsiz, əndazəsiz görünür. Bizim evimizdə intizam və ölçü altına girə biləcək heç bir şey yoxdur. Bununla belə həyat olduqca rənkarənkdir. Yoxsul həyatında insana təcrübə verəcək çox yeniliklər vardır. Jenya gülüşünün başqa cür anlaşıldığını görüb izah etdi: – Mənim güldüyüm bunun üçün deyil, başqa bir məsələ üçün güldüm. Siz onu bilməlisiniz ki, bu həyat mənə heç də gülünc gəlmir. Gülmək lazım gəlirsə, hər şeydən əvvəl burjuaziya ailəsinin həyatına gülməlidir, çünki bu insanın qəlbini sıxan bir həyatdır. Yemək, içmək, yatmaq, soyunmaq, geyinmək, oturmaq, gəzmək, danışmaq və saire — hamısı gülüncdür. Orada hər şeyin bir rəsmiyyəti və ölçüsü vardır, həyat müəyyən çərçivə içərisində qurulmuşdur. Burjuaziya həyatının azadlıq pərdəsi altında müdhiş və əzici bir əsirlik gizlənmişdir. Həyatda olan bu rəsmiyyət, burjuaziya ailəsinin özündə bir əsirlik doğurmuşdur; orada insan yalnız yeyəcəyi, geyəcəyi, bəzənəcəyi haqqında düşünür. Burjuaziya qadınları öz həyatlarında yenilik yaratmaq üçün tənbəllik və qeyri-adiliyin daha dərin tərəflərinə çumurlar. Onlar ictimai vəzifələr üzərində həyat keçirməyi bacarmadıqlarından, vaxtlarını sərf etmək və bir-birinə oxşayan günləri başa vermək üçün dəlilik dərəcəsinə qədər varıb çıxırlar. Bizim xanımı bu dediklərimə sübut olaraq göstərə bilərəm. O, bu saat baş verən hadisələrin heç birisini eşitmir; o, bütün yaşayış qanunlarını orta əsrlərə məxsus sarayların yaşayış qanunlarından öyrənir. O, milyonçunun tükənməz pullarını sərf etmək üçün müxtəlif vasitələr düşünür. O, bir milyonçunun iyirminci əsr kübarlarına məxsus düzəltdiyi zənkin sarayı görməkdən yorulmuşdur. O, təzəlik yaratmaq və yekrənk həyatdan qurtulmaq üçün irəliyə doğru gedəcək yolları da görə bilmir; çünki burjuaziya qadınında düşüncə korluğu vardır. Buna görə də o, yeniliyi orta əsrlərə qayıtmağda arayır və Harunərrəşid dövrünün həyatını düzəltməyə çalışır, milyonçu Hacını da öz təsiri altına alır. Sarayda küzkülü salonlar düzəldir. Minlərcə manat sərf olunaraq Hacı üçün Harunərrəşidin, xanım üçün isə Zübeydə Xatunun geydiyi paltarlar hazırlanır. Sarı saçlı və ağ rus qızlarının üzünə kömür qarası sürtülür, qara zənçilər şəklinə salınır. Üzü almazlı, dabanları qızıl nallı ayaqqabılar tikilir. Burjuaziya qadını özünü oyunçaq şəklinə salır, bir aktrisa kimi cürbəcür rollara girir. Lakin, yenə də saray həyatının yekrənkliyinin təsirindən çıxa bilmir. Mənim gülməyimin və başımı tərpətməyimin başqa bir səbəbi vardır. Mən vaqondan düşüb bura gəlmək istədikdə Vasyanın zənkin bir qızın qolundan tutub vaqona mindirdiyini gördüm. Mən onu xatırlayıb gülürdüm. Vasya qıza xoş gəlmək üçün üst-başını da bir az düzəltmişdir. Lakin qızın yaxşı geyimi məndə şübhə oyandırdı. Vasya kimi yoxsul, çirkin adamla onun nə haqq-hesabı? * * * Qubernator Nakaşidze vuruldu – Sən tabağını götür burdan çəkil! – Hara çəkilim? – Parapetin o biri tərəfinə çəkil! – Nə üçün? Sən bazarbaşısan, nəsən? – Heç zad deyiləm. – İndi ki, heç zad deyilsən, get tullanmağına! – Mən sənin mənfəətin üçün deyirəm. Orada müştəri də çox olar. Götür tabağını! – Gedə, rədd ol başımdan get, nə vermisən mənə ala bilmirsən? Qoymazsan beş şahı çörək pulu qazanaq?! – Dur bura gəl! Sənə sözüm var. – Nə sözün var? Sənin tayın-zadınam? – Yox, tayım deyilsən, amma sənə mənfəətli bir iş deyəcəyəm. Dur bura gəl! – Sən olasan bu ayın sahibi, məndən qəmişini çək! Dadaş canı, yaxamdan əl götür! Məni alverdən qoyma! Görürsən ki, matışkələr şey alır. – Ada, kiçin birisi, bura gəl! Ucuz şey var, yarı qiymətinə satacağam. – Nə satmaq istəyirsən? – Dur bura gəl! Lap suyu qiymətinə satacağam! – Mən nə bilim ki, sən nə satırsan? Gədə, satılan şeyin adı olmazmı? – Yaxşı püstə var. – Hara püstəsidir? – Damğan püstəsidir, özü də lap yaxşısı! – Lazım deyil, malım çoxdur. – Lazımın deyilsə də gəl, bir qiymət ver görək. Lap ucuzdur. – Əl çək məndən! Yoxsa bu saat kirdavoyu çağıraram. – Çox axmaq adamsan! Nə üçün başına söz girmir, yaşamaq istəmirsənmi? – Əlbəttə ki, istəyirəm. Yaşamaq istəməsəydim, halal kəsb etməzdim... Bu söhbətlər, bir nəfər naməlum şəxslə «Metropol» otelinin qabağında tabağını qoyub quru meyvə satan bir müsəlman arasında gedirdi. Söhbət olduqca uzun çəkdi. Naməlum şəxs tez-tez saatına baxır, tabağçı müsəlmandan şeylərini götürüb oradan başqa yerə getməsini tələb edirdi. Quru meyvə satan ağzı ilə ona cavab verir, əlləri ilə də öz quru meyvələrini təmizləyir və sahmana salırdı. Naməlum şəxs onun söz qəbul etməməsini görüb, şey almaq üçün yanaşan uşaqlara və qadınlara dedi: – Bunun daş-tərəzisi düz deyil. Bayaqdan fikir vermişəm, müştəriləri aldadır. Bu sözlərdən sonra müştərilər ötüb gedirdi. – Sən öləsən, bu saat kirdavoyu səsləyərəm! – Səslə, axmağın birisi! Sənin öz canına rəhmin gəlmir. Tabağçı yerindən tərpənmir, yenə də şeylərini düzəldirdi. Tabağını silir, kisələri doldururdu və əllərini bir-birinə vurub bağırırdı: – Gəl müştəri, gəl!! Damğan püstəsidir! Gəlin dodağıdır! Qara kişmişdir! Haldan qara, baldan şirin! – Badam, ay madam! Gəl qadanı allam! – Dizmarıdır! Ağa malıdır! – Riçindir! Plov üçündür! – Almasan da tamaşasına gəl! Bir faytonun səsi eşidildi. Quru meyvə satan tələsik dönüb arxasına baxdı: – Gəldi, müştəri gəldi! Gəl, madam, yaxşı püstə-badam, ləbləbi, yar ləbi! Quru meyvə satan faytonda varlı bir müştərinin gəldiyini zənn edirdi. Lakin bir saniyədən sonra məlum oldu ki, faytonda gələn Bakı general-qubernatoru Nakaşidzedir. Quru meyvə satan, ata-baba qaydası ilə, iki əllərini dizlərinə qoyub baş əydi. Lakin onun əyilən başı daha yuxarı qalxmadı. Parapet ətrafını və Olkinski küçəni müdhiş bir qurultu titrətdi. Küçəyə baxan pəncərələrin şüşələri qırılıb tökuldu. Parapet ətrafında və Olkinski küçədə olan camaat qaçışırdı. Bir çoxları erməni-müsəlman davasının təzədən başlandığını zənn edirdi. Hələ bombanın tüstüsü dağılmamışdı ki, atlı kazaklar hadisə olan yerdən qırağa bir nəfər də olsa adam buraxmırdı. General Nakaşidzenin başı parçalanmışdı. Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi. * * * 1905-ci ilin may tətilləri başqa tətillərə heç də bənzəmədi. Bakı bolşevikləri az müddət içində, çarizmin erməni-müsəlman qırğını salmaqda nə kimi bir məqsəd daşıdığını fəhlə kütlələrinə anlatdı və çarın xain siyasətini lazımi qədər ifşa edə bildi. Çar hökumətinin fəhlələrinin beynəlmiləl həmrəyliyini pozmaq üçün meydana atdığı bu xain siyasət, işçilərin çarizmə qarşı nifrətini daha da artırmış oldu. Bakı fəhlələri bütün Rusiyanı bürüyən inqilaba səs verərək, öz həmrəyliyini elan edir və tətilə başlayırdı. Yerli hökumət özünü itirmişdi; Bakıda fəhlə hərəkatını boğmaq üçün son silah olaraq işlətdiyi milli qırğınlarla da əsas məqsədinə çata bilməmişdi. May tətilləri Bakı burjuaziyası və onun arxasında duran çarizm üçün yeni və böyük bir zərbə idi. Fabriklər, zavodlar, mədənlər, müəssisələr bir-birinin dalınca tətilə başlayırdı. Nakaşidzeyə atılan bombanın səsi kimi qurultu salan tətil səsləri də bütün mədənlərdə qurultu qoparmışdı. Nobel qardaşları şirkətinin fabrikləri, zavodları, mədənləri, emalatxanaları tamamilə tətilə başladı. Bolşevik fəhlələr fəhlə rayonlarına yola düşdü. Xatisovun, Şibayevin, Levinsonun zavodları da tətil etdi. Elektrik stansiyası dayandı. Elektrik vasitəsilə hərlənən maşınlar hərəkətdən qaldı. Bibiheybətdə, «Kaspi» şirkətinin müəssisələrində, mədən və emalatxanalarında işlər dayandı. «Moskva» cəmiyyətinin qazanlarından buxar buraxıldı, maşınlar səsini kəsdi, emalatxanalar susdu. Tətil Ramana rayonuna da keçdi. Mantaşevin müəssisələri işini dayandırdı. Balaxanı—Sabunçu rayonunda kontor fəhlələri öz tələblərini verdilər. «Votan» şirkəti yavaş-yavaş tətil qarşısında titrəməyə başladı. Aramazd, Mirzoyev, Krasilnikov, «Molot», Ter-Akopov, Saruxanov şirkətlərinin fəhlələri tətilə qoşuldu. Hacı Zeynalabdin Tağıyev öz toxucu fabrikindən tətil elan edildiyi xəbərini alar-almaz, əlini-əlinə vurub dedi: – Rəhmətlik Nakaşidze belə günlərdə mənə necə lazım olurdu!.. Hacının öz təbirincə, fabrik fəhlələri «ədəbsizlik edib», iyirmi dörd maddədən ibarət bir tələbnamə vermək istəyirlərmiş. Hökumət əvvəldə olduğu kimi yenə də fəhlələri rəhbərsiz qoymağa və onları tutmağa qərar verirdi. Hökumət Montini axtarırdı, lakin Bakıda bu adda bir fəhlə yox idi; Montin Çupatov adı altında öz fəaliyyətində davam edirdi. Buna görə Keşlə rayonunun polis rəisi Bakı qəzası polis rəisinə may ayının onunda belə bir raport verdi: «...O — Çupatov, deyilənlərə görə, Rusiyanın on altı şəhərində gəzib, ancaq fəhlə məsələsi ilə məşğul olmuşdur. Həmin bu məsələni Çupatov indi Ağşəhər və Qarasəhər fəhlələri arasında da genişləndirməyə başlamışdır. Çupatov fəhlələr arasında böyük nüfuza malikdir. Məsələn, o hər hansı bir məsələ üçün fəhlələrə müraciət etdikdə, bütün fəhlələr bir səslə «Sən necə istəsən, elə də edəcəyik — deyirlər». Qubernator, Çupatov adı ilə çalışan Montinin may tətillərindəki fəaliyyətini nəzərə alıb, tutulmasına əmr verdi. May ayının on birində Şibayev zavodunun həyətində üç yüzə qədər fəhlə yığılmışdı. Çupatov (Montin) fəhlələrin tələbləri haqqında danışmaq üçün zavod müdirinin kabinetinə getmişdi. Polislər Çupatovu tutmaq üçün zavodun həyətinə girdilər. Pavluşa, Əsgər, Məmməd və başqa fəhlələr Montini aralığa alıb polislərə qəti etiraz etdilər. Nəhayət, qorxuya düşmüş polislər qayıdıb getdilər. Gənc Montin yoldaşlarını götürüb, tətilə çıxmayan müəssisələrə doğru irəlilədi. * * * Bomba partladıqdan yarım saat sonra Hacı öz xanımının qulağına bir şey pıçıldadı; lakin, onun dediyini evdəkilər ancaq bir saatdan sonra bildilər. Xanımın xüsusi dərzisi, əlində qara bir boqça içəri girdi. Bütün ev qulluqçularını böyük salona topladılar. Əvvəl xanım, sonra Hacının, ondan sonra da bütün ailə üzvlərinin və ev qulluqçularının qollarına qara bağladılar. (Bu hal yalnız Hacının evində deyil, bütün müsəlman burjuaziyasının evində görünürdü). Hacı Nakaşidzeni müsəlman tərəfdarı hesab edir, onun yasını saxlayırdı. Bəzi avam adamların dilindən: «Rəhmətlik Nakaşidze müsəlmanların əlindən getdi» sözlərini də eşitmək olardı. Nakaşidzenin öldürülməsi ermənilər tərəfindən müsəlmanlara qarşı bir nümayiş olduğunu avam xalqın zehninə yerləşdirmək o qədər də çətin deyildi; avam müsəlman xalqı fevral hadisələrinin iç üzünü anlamamışdı. Bu yolda erməni və müsəlman ruhanilərinin geniş kütlə arasında apardığı təbliğat da az iş görmürdü. Bakı komitəsinin erməni və müsəlman fəhlələri arasında apardığı izahat işləri fəhlələrə güclü təsir bağışlayır və məsələni aydınlaşdırırdı, lakin bir-biri əleyhinə qaldırılmış geniş avam camaatı baş salmaq asan bir iş deyildi; hələ bu da var ki, Zaqafqaziya bolşevikləri yalnız hökumətlə deyil, menşevik, daşnak və sair millətçi partiyalarla da mübarizə aparmaq məcburiyyətində idilər. 1905-ci ilin may ayı, bütün Zaqafqaziyada başlanmış partiya mübahisəsinin ən şiddətli zamanına təsadüf etmişdi. Zaqafqaziya bolşevikləri, millətçi partiyalarla — daşnaklarla, federalistlərlə, anarxistlərlə və başqaları ilə amansız mübarizə aparırdılar. Millətlər çar xəyanəti nəticəsində tökülmüş qanda boğularkən, bolşevizmin düşməni olan partiyalar bolşeviklərin fəhlələri hökumətə qarşı aparılan mübarizə bayrağı ətrafında toplamalarına mane olurdular. Həmin bu mühüm günlərdə Tiflisdə kropotkinçi anarxist Sereteli və Qoqoliyə qarşı böyük mübahisə təşkil edilmişdi; bu mübahisələrdə menşeviklərin və eserlərin liderlərini məğlub etmək lazım gəlirdi. Bu mühüm və tarixi günlərdə, çar hökumətinə qarşı fəhlə sinfinin vahid cəbhəsini düzəltmək lazım gəldiyi bir zamanda, menşeviklər Zaqafqaziya bolşeviklərinin çar hökumətinə qarşı düzəltmək istədikləri mübarizəyə və silahlı üsyan şüarına maneə törətməyə başlamışdılar. Avam müsəlmanların gözünü boyamaq istəyən Hacı Zeynalabdin Tağıyev Bakıda çıxardığı «Kaspi» qəzetində qara xətt içərisində belə bir elan dərc etdirmişdi: Elan «Əziz və hörmətli dostum cənab general-qubernator Nakaşidzenin faciənə ölümünü bütün dost və aşnalara kəmali təəssüflə xəbər verirəm. Mərhumun təziyə məclisinə gəlmək istəyən Bakı əhalisi, Hacı Zeynalabdin Tağıyevin Gorçakovski küçədəki evinə buyurmalıdırlar». Hacı qəzetə elan göndərməmişdən əvvəl öz dostlarına telefonla bu barədə xəbər vermişdi. «Əziz dostlar» bir yerə toplandıqdan sonra Bakı üləmasının iştirakı ilə bir iclas çağırılması qərara alınmışdı. Əlimərdan bəy Topçubaşev qələm, kağız götürüb yazmağa başladı. O ancaq Hacı göstərdiyi adamları yazırdı: Axund Molla Yusif Talıbzadə. Mir Məhəmməd Kərim-qazı. Əlizadə. Hadizadə... Siyahı bitdikdən sonra, bunların hər birisinin adına xüsusi bir məktub göndərildi. Məclisə çay gətirildi. Hacı stəkanını qarışdırarkən, fabrikdən nümayəndələr gəldiyini xəbər verdilər. Hacı üzünü yanındakılara çevirib dedi: – Bu tərbiyəsizlərin nə üçün gəldiyini çox gözəl bilirəm. Fəhlə nümayəndələri fabrik fəhlə və işçilərinin iyirmi dörd maddədən ibarət olan tələblərini gətirmişdilər. Nümayəndələr çərkə ilə Hacının qabağında durmuşdular. Hacı onlardan soruşdu: – Oğlanlarım, nə üçün dəzgahınızı buraxıb gəlmisiniz?! Hacının görmək belə istəmədiyi bir fəhlə irəliləyib dedi: – Hacı, bizi sizin yanınıza fəhlələr göndərmişlər. – Onlar nə istəyirlər? Hərkəs sizi cənab qubernatorun vəfatı münasibəti ilə mənə başsağlığı vermək üçün göndərmişlərsə, məndən onlara razılıq aparın, deyin ki, Hacı sizdən çox razıdır. Nağıyev: – Xeyr, — dedi, — fəhlələr bu barədə bizə heç bir söz deməmişlər. – Bəs nə üçün göndəriblər? – İşləmək mümkün deyil, yaşayış çox ağırdır! – Məsələn, yaşayışın hansı tərəfi ağırdır? – Hər tərəfi! Fabrikdə yaşamaq mümkün deyil. – Nə üçün? – Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. Bir kiçik kazarmada altmış fəhlə yerləşmişdir. Təmizliyə diqqət verilmir. Xəstəlik fəhlələri qırıb qurtarıbdır. Doktor yoxdur. Hacı özü bilir ki, az vaxtda fabrikin yanında böyük bir qəbristan düşmüşdür. Bunun özü göstərir ki, fabrik sahibi fəhlələrin salamatlığı ilə hesablaşmır. Fabrikdə bu qədər fəhlə üçün bir nəfər feldşer var, o da heç bir şey bacarmır. Xəstə fəhlələrin doktora getməyə pulu yoxdur. Buna görə də vaxtsız-vədəsiz ölürlər. Arvadlar üçün mama yoxdur. Bir həftə içində səkkiz qadın uşaq üstündə ölmüşdür. Mama olmadığı üçün onlar evarası mama gətirirlər. Beş nəfərlik, altı nəfərlik ailə kiçik bir otaqda yerləşibdir. Fabrikdə məktəb yoxdur. Bu qədər fəhlə uşağı gələcəkdə dilənçimi olacaqdır? Gərək buna Hacı da razı olmasın. Havalar istiləşdikcə fabrikin havası xarablaşır. Çirkab suları küçələrə çıxır, qoxuyur; evlərin qabağından keçmək mümkün deyil; xəstəlik törəyir, yazıq fəhlə balaları qarışqa kimi tələf olurlar. Xüsusilə maaşların azlığı fəhlələrin salamatlığına pis təsir edir. Sizin fabrikdə açdırdığınız dükan fəhlələri açıqdan-açığa qarət edir. Yemək şeylərinin qiyməti özgə dükanlara nisbətən yarıbayarı bahadır. Ay başında əlimizə bir qara qəpik də vermirlər. Bir çoxları gələn ayın maaşını bu aydan yeməyə məcbur olur. Belə davam edərsə, fəhlələr buna tab gətirə bilməyəcəklər. Onlar acından qırılmaq istəmirlər. Sizin fabrikdə iş günü başqa fabriklərə nisbətən bir saat uzundur, maaşlar isə başqalarına nisbətən otuz faiz azdır. Fəhlələr yarı ac, dilənçi kimi yaşayırlar. Fəhlələrin əmək qabiliyyətlərini itirməmələri üçün onların iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır, çünki fəhlə layiqincə yemədikcə, layiqincə işləyə bilməz. Bunları nəzərə alıb biz sizə vermək üçün fəhlələrin iyirmi dörd maddədən ibarət tələbnaməsini gətirmişik. Fəhlələr bu tələbnaməyə Hacıdan cavab gözləyirlər, lazımı cavab almasalar işi buraxmağa məcbur olacaqlar. Biz fabrikin müdiri Hacı Məmməd Hüseynə bu barədə müraciət etdik, amma heç bir nəticə əldə edilmədi. Axırda özümüz sizin yanınıza gəlməyə məcbur olduq. Hacı gözlərini sildi. Əlini saqqalına çəkdi, fabrikdən gələnlərə dedi: – Oturun, oğlanlarım! Müsəlman milləti erməni və başqaları kimi mədəni olsaydı, həmin bu günləri nəzərə alıb, Hacının yanına bu tələbnaməni gətirməzdi. Çox heyif olsun ki, bizimkilər bu cür müsibətli bir gündə öz qarınlarının həşirinə düşüblər, özgə millətlərdən ibrət götürmək istəmirlər. Siz bilirsiniz ki, bu gün nə günüdür? Cəbi cavab verdi: – Bu gün çaharşənbə axşamıdır. – Çaharşənbə axşamı olduğunu mən də bilirəm. Mən soruşuram ki, bu gün necə bir gündür? Bu gün müsəlman millətinin nin ikinci aşurasıdır. Bu gün Nakaşidze kimi kişinin öldürüblər. Bu ölümün səbəbini bilməyən adamın milli namusu, milli düşüncəsi yoxdur. Siz bilirsiniz ki, bu kişi sizin yolunuzda qurban oldu? Mən indi başımı itirmişəm, heç bilmirəm ki, müsəlmanlar nə cür Bakıda baş saxlaya biləcəklər. Heç bilmirəm ki, biz bu rəhmətlikdən sonra kimə arxalana biləcəyik, siz də bir tərəfdən tələbnamənizi gətirib, məni xırda işlərlə məşğul etmək istəyirsiniz. Siz bilirsiniz ki, mən müsəlman millətinin tərəfdarı olduğum üçün yetmiş iki millət əzmini cəzm eləyib, məni yerimdən qoparmaq istəyir? Bunun səbəbi nədir? Səbəbi budur ki, məni dağıda bilsələr, müsəlman millətini birçə ildə yerdən götürə bilərlər. Mənim qeyrətim bunu qəbul etmir. Nə qədər canım sağdır, müsəlmanların başından bir tük çəkilməsinə razı olmayacağam! Müsəlmanların zəlil olmasına imkan verməyəcəyəm! Bu dövləti bir qəpiyə qədər müsəlmanların yolunda xərcləyib qurtaracağam. Nə qədər ki, Hacı Zeynalabdinin nəfəsi gəlir, müsəlmanların gözünü püfləməyə heç kəsdə cürət olmayacaqdır. Mən olmasaydım, xariçilər çoxdan müsəlmanları ayaqları altına almışdılar. Fabriki nə üçün açdım? Səbəbini bilmirsinizmi? Fabriki ondan ötrü açdım ki, müsəlmanlar gedib xariçi məzhəblərə boyun əyməsinlər, onların özünün fabriki, zavodu olsun. Siz də gərək çalışasınız ki, bu cür zavodların, fabriklərin sayı gündən-günə artıq olsun. Onda xariçilər gəlib sizə boyun əyər və sizin fabriklərinizdə, zavodlarınızda işləməyə möhtac olarlar. Heyif olsun ki, siz də xariçilərə qoşulub məni yerdən götürməyə çalışırsınız. Heç sözüm yoxdur, gedin fabriki yandırın. Gəlib bu evləri də, pasajı da, bankı da yandırın görək mənim cibimdən nə gedir? Heç zad! Çünki bu var-dövlət mənim deyil, müsəlman millətinindir. Mən bu var-dövləti müsəlman millətinin yaman günü üçün saxlamışam. Bu var-dövlət, bu cahı-cəlal fəhlələrin iftixarıdır. Mən də sizin kimi bir fəhlə babayam: bir əynimdir, bir də qarnım. Fəhlələr bilsələr ki, fabrik nə qədər zərər verir, heç də danışmazlar. Mən evlərin, passajın, balıq vətəkəsinin, bankın və Yevlaxdakı əlli min desyatin torpağın gəlirini fabrikin üstünə qoyuram ki, müsəlman fəhlələrinin başı xariçilər yanında aşağı olmasın, onlar deməsinlər ki, on minlərcə müsəlman bir fabriki saxlaya bilmədi. Gərək müsəlman fəhlələri o dinsiz, o babı bolşeviklərin sözünə baxmasınlar. Onların rus olanları dinsizdir, müsəlmanları da babıdır. Onlar müsəlman dininin, malının, canının düşmənidir. Neçə ki, deyirəm, eləcə də gedib fəhlələrə xəbər aparın. Mən şapalaq ilə üz qızardıram, xariçilər elə bilirlər ki, Hacının qızılı daşır. Qoy elə də bilsinlər! Bu, müsəlmanın başının ucalığıdır. Gərək fəhlələr də öz işlərini, əyiblərini açıb xariçilərin qabağına tökməsinlər. Xariçilər doğrudan da məni özlərindən varlı bilirlər. O ki, qaldı bu tələbnamə, — mən bunların hamısını bir-bir yerinə yetirəcəyəm. Mən fabriki necə ki, dedim, qazanc etmək üçün açmamışam. Mənə «millətin babası» adını müsəlmanlar deyil, xariçilər qoymuşlar, çünki mən müsəlmanları qanadımın altına alıb, onların yolunda da çalışıram. Mən bu vəzifəni lazımınca yerinə yetirmişəm, yenə də yetirəcəyəm. Nümayəndələr Hacının sözünə çox diqqətlə qulaq verirdilər. Hacı sözünü bitirdikdən sonra, nümayəndələrdən biri dedi: – Hacı, siz buyuran sözlərin heç birisinə etiraz etmirik. Eybi nədir, qoyun belə olsun. Ancaq bu sözləri fəhlələrə xəbər verməklə fəhlənin halı yünkülləşmir. Onlar neçə ki, indi yaşayırlar, daha belə yaşamağa gücləri yoxdur. Biz onların yazılı tələbnamələrini sizə tapşırıb gedirik. Onlar bu tələbnamənin cavabını sabah saat on ikiyə qədər gözləyəcəklər. Cavab göndərilməsə və kifayətverici razılıq əmələ gəlməsə, fabrik tətil edəcəkdir. Nümayəndələr getdilər. Hacının məclisində olanlar bu hadisədən çox heyrətləndilər. Onlar Hacının uzun danışıqlarının təsirsiz qalmayacağına, fəhlə nümayəndələrinin sakit olacağına ümid edirdilər. Hacı Zeynalabdin yanındakılara tərəf dönüb dedi: – Gördünüz ki?! Bunlar haman adamlardır ki, vaxtı ilə öküz kimi başlarını aşağı salıb işləyirdilər. İndi bunlar rus və erməni fəhlələrindən də həyasız olublar. Bunları qudurdan bolşeviklərdir. Nə fayda, rəhmətlik general çox yaşamadı! Onun özü mənə demişdi ki: «Fəhlələrin beyninin qapağını götürüb onun içindəki mürdar fikirləri dağıdacağam». İnşallah, sağlıq olar, gec-tez onun bu fikri həyata keçər. * * * Hacı cənazənin nə zaman qaldırılacağını öyrəndikdən sonra telefonoqramma yazdırdı: birisini toxucu fabrikinə, o birisini də qız məktəbinə göndərdi. Sonra dəstəyi götürüb Hacı Məmmədi telefona çağırdı: – Hə, Hacı danışır. Əleykəssəlam... Elədi... Cənazə sabah yerdən qaldırılacaqdır... Əlbəttə lazımdır! Sabah fabrik gərək matəm münasibəti ilə işləməsin. Sənin özün də direktordan tutmuş mühəndislərə, baş ustalara, fəhlələrə, həyət süpürənlərə qədər mütəşəkkil surətdə şəhərə gəlib cənab qubernator mərhumun dəfnində iştirak etməlisiniz. Neçə ki, deyirəm, elə də edərsən. Onları çox nizamla, ədəblə, mərhumun şəninə layiq bir surətdə gətirərsən... Veriləcək, veriləcək, gələnlərin hamısının maaşı veriləcək. Hacı Məmməd! Hacı Məmməd! İşi düzəltmək lazımdır. İşi özbaşına buraxmaq olmaz. Sözünü saxla! Sözünü saxla! Gör sənə nə deyirəm. Sən pulun gücünü bilirsən ki!.. İndi ki, bilirsən, daha boş-boş niyə danışırsan?! Cəbilər, Əlövsətlər kimdir?! Onlar iki-üç nəfər adam deyilmi?! Ada, belə məni anla! Anla, gör nə demək istəyirəm. Sən fəhlələri onların başından dağıt, qoy meydanda özlərini tək görsünlər... Sözünü oradaca saxla, mən sənə təhərini öyrədim. Mənim bütün ömrüm fəhlə işlətməkdə keçibdir. Fəhlənin hamısı gözüaçıq olmaz. Elədir ki, var! Barakallah! Yaxşı baş tapmısan. Fəhlənin birisi, ikisi gözüaçıq olur, bunlar da yüz nəfəri, min nəfəri yolundan çıxardar... Belə ha!.. Sən gərək ayıq olub fəhlələri yoldan çıxardanları elə gətirəsən... Qaydasını mən öyrədim. Fabrikdə erməni-rus çox azdır. Orada olanların çoxusu İran camaatıdır. Mən bilə-bilə onları işə götürmüşəm ki, lazımi vaxtında anlatmaq mümkün olsun. Sən sabahdan bir gizlin siyahı tutarsan, orada İran fəhlələrinin dil bilənlərinin adını yazarsan. Özlərini də çağırıb gizlincə xəbər verərsən ki, «Hacı sizin məvacibinizi otuz faiz artırıbdır. Bu şərt ilə ki, heç kəs bilməsin, hər ayın başında bu otuz faizi gəlib gizlincə alacaqlar». O zaman tətil işi pozular. Cəbi, Əlövsət və Nağıyev kimilərinin burnu yerə sürtülər. Bildin ki?! Bəs sən o molla Zaman qırışmala demirsən ki, ay tənbəl qırışmal, Hacı sənə ayda iyirmi beş manat pulu niyə artıq verir?! Sən bir yığın axmaq İran fəhlələrini də yola gətirə bilmirsən?!. Sabah yox, birisi gün fabrikin kontor otaqlarını boşaldarsan, verərsən təmiz xalçalarla döşəyərlər, iyirmi pud qənd dükandan götürərsən. Mirzə Kamyabı da özüm çağırıb razı edərəm. Fabrikdə imam Hüseyn təziyəsi düzəldərsən. Fəhlələri işdən çıxan kimi qoymazsınız bolşeviklərin düzəltdiyi iclasa getsinlər. Təziyəyə gələnlərin hərəsinə iki stəkan şirin çay verərsiniz. Qoy onların başı təziyəyə qarışsın... Bir il bundan qabaq fabrikdə işlərinizi necə aparmaq üçün plan vermişdim. Haman kağızı tapıb ona əməl edərsən... Elə ha!.. Elə ha!.. Fəhlələri başlı-başına buraxarsan, gedər bolşevik olar! Sən bilirsən ki, o haramzada uşağın şirin dilləri vardır. Onlar gəlib hər kəsin yanında dillərini işə salsa, adamı yoldan çıxardar... O ki, qaldı avam İran fəhləsinə... Bir həftədən sonra fabrikə gəlib sənin işlərini yoxlayacağam. Haman o kontorun böyründəki, Cəbikilin məktəb üçün istədikləri böyük zalı da məscid qayırarsan. Göndərərsən Əhmədlidən bir dana da köhnə minbər gətirdərsən; üstünün qarasını, filanını tazalarsan. Molla Zamanın aldığı pulun üstünə beş manat artırarsan, deyərsən ki, Hacı belə əmr verib gərək gündə üç dəfə fabrikdə əzan verilsin. Həftədə iki dəfə də Hacızadəyə pul verəcəyəm. O da gəlsin namaz qılan fəhlələrin həmd surəsini, qəraətini öyrətsin. Bacardığınca fabrikdəki oğlan uşaqlarını məscidə və minbərə öyrədin... Bunları siz vaxtında yerbəyer eləsəydiniz, bu gün avam fəhlələr məktəb istəməzdilər, bu gün onlar mama adı, doktor adı çəkməzdilər. Xəstələrini doktorun yanına yox, yenə də molla, seyid yanına aparardılar. Hələ yenə də gec deyil. İşə çox tez başlamalıdır. Hacı Məmməd! Hacı Məmməd! Bir şey yadımdan çıxdı. Bir buxça qara göndərmişəm, gör onları bir təhər cənazəni basdırmağa gələn fəhlələrin qollarına bağlatdıra bilərsənmi? Qabaqca beş-altı nəfəri yanına çağırıb, əlinə beş-altı şahı bas. Fəhlə taifası qoyun kimi bir zaddır, elə ki, onların qolunda qara gördülər, biri ki, atıldı, o birilər də onun dalınca atılacaq... Dediklərim yadında qaldı ki? Hə! İndi ki, yadında qaldı, get işin dalınca ol, sabah sənin dəstəni gözləyəcəyəm. Hacı dəstəyi yerinə qoydu, dərindən nəfəs aldı, mürəbbədən bir qaşıq ağzına qoyub, qabağındakı soyumuş çayı içdi. Dəstəyi yenidən götürüb qız məktəbini səslədi: – Hacıdır. Sabah cənab qubernator mərhumun cənazəsi qaldırılacaqdır. Bütün şəhər camaatı qabaqca bizim evdə yığılıb quran oxunduqdan sonra cənazəni qaldırmaq üçün mərhumun qapısına gedəcəkdir... Səhər saat birdə, qızların saçlarına və qollarına qara lent bağlayıb nizam ilə gətirərsiniz... Bu əmrə itaət etməyən talibələrin adlarını dəftərə qeyd edərsiniz. * * * Camaatın bir ucu Barjatinski küçədə, o biri ucu da «Qafqaz Merkuri» körpüsünün yanında idi. Hacının evinin qabağından — Gorçakovski küçədən keçmək mümkün deyildi. Dükançılardan başlamış küçə hamballarına qədər qubernatorun cənazəsi mərasiminə toplanmışdılar. Hacı Aslan və onun qoçuları bazara düşüb, hər kəsi görürsə: – Durma! Nə üçün durmusan, Hacının qapısına! — deyə, — camaatı qoyun sürüsü kimi ürküdüb, Hacının qapısına tökürdü. Qoçular: – Bağla dükanı! — deyərək sağa-sola qaçır, bütün şəhəri qubernatorun dəfn mərasimində iştirak etməyə məcbur edirdilər. Onlara belə əmr verilmişdi. Hacının salonunun geniş pəncərələrindən, öldürülmüş qubernator üçün oxunan quran səslərini, qurultulara baxmayaraq küçədən eşitmək mümkün idi. Hacı özü cənazə mərasiminə gələnlərin qədərini və kimlərdən ibarət olduğunu tez-tez gözdən keçirirdi. Otaqlarda yer yox idi. İçəriyə ancaq əvvəlcədən tutulmuş siyahıda adları göstərilən adamlar girə bilirdilər. Hacı Aslanın qoçuları da çərkə ilə düzülmüşdülər: başlarında qara uzun buxara papaq, əyinlərində gümüş zərli şüşə düyməli qara məxmər jilet vardı, bığları altdan yuxarı burulmuşdu. Pençəklərinin ətəyi altından bağlanmış tapançaların başları, ölmüş atın omba sümükləri kimi görünürdü. Saçlarına və qollarına qara lentlər bağlanmış qız məktəbinin talibələri də çərkə ilə düzülüb qoçularla yan-yana durmuşdular. Qoçuların söhbətlərindəki məzmunu qızların üzündən oxumaq olardı. – Gəl səni götürüm qaçım, bizim ellərə, ellərə... – Adama birini vurasan qoltuğuna, basasan faytona, düz sürəsən Nardaran bağlarına. – Hacının bu ehsanının üstü yoxdur! O yanda duran arvadı görürsən ki, cəmi işlər onun əlindədir. And içibdir! Bunların hamısını gərək ərə versin. – Bizə ki, yetişməyəcəkdir... – Aşurbəyovlardan artıq qalsa, sənə də yetişər. – Elədi ki, var. Müdirənin otağında gecə qonaqlıqdır. – Hər kəs qız bəyənmək istəyirsə, gərək, başında yaşıl şlyapası olanı görsün. Bu cür söhbətlər sıra ilə duran qızları təbii halından çıxarmaqda idi. Hacı Aslanın qapıya çıxması bu söhbətlərin qabağını aldı. Nədənsə milyonçu Hacı da öz təbii halında deyildi. Çox açıqlı idi. Hacı birdən-birə daha da açıqlandı, dəstəyi telefon aparatının üzərinə atıb dedi: – Namussuzlar! Babı, dinsiz köpək uşağı! Dünəndən bəri telefonla bir Quran söz demişəm, yenə də bir iş görə bilməyiblər! Əlimərdan bəy soruşdu: – Hacı, yenə nə hadisə üz vermişdir? – Nə hadisə üz verəcəkdir ki, bundan artıq olsun?! Fabrikə telefonoqramma göndərib tapşırmışam ki, fabrik tətil etsin, fəhlələrinin hamısı dəstə ilə şəhərə gəlib, mərhumun cənazəsində iştirak etsin. Bunun çox siyasi mənası vardır. Fabrik tətil edib, amma heç birisi şəhərə gəlməyib. Əlimərdan bəy təəccüblə soruşdu: – Nə üçün, cənab Hacı? – Nə üçün? Çox sadə! Haramzada, naseyid, babı köpək oğlu Mir Həsən yenə də bilmirəm hansı bacadan içəri soxulub, miting düzəldib, ağzına gələni deyib, fəhlələri başdan çıxarıb, fəhlələr də dağılıb evlərinə gediblər. Bilmirəm, bu şeytan köpək oğlunun əlindən hara qaçım! Haramzada oğlunu o qapıdan qovursan, bu qapıdan içəri soxulur. Hacını Quran oxumaq səsi sakit etdi. Mollalar Yasin surəsinin ayələrini bir-birinin ağzından qapırdılar. Quranı oxuyub qurtardılar. Küçəyə çıxmaq lazım gəlirdi. Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. Bu barədə Hacı Aslana xüsusi göstəriş verilmişdi. O, Hacını hər cəhətdən arxayın elədi: – Ramanalı Qurban, keşləli Mustafayev Həsən, Dursun növəsi Əkbər, İçərişəhərli Molla Qasım uşaqları, Şahkəldi növəsi Tağı, Çəmbərəkəndli Sadıq, marojnaçı Hüseyn, surahanılı Əli Abbas, Şıx Balayev Zəfər, Babayev, aşağı məhəllələrdən Hacı Zərbəli oğlanları, Danasatan oğlu Süleyman, Məhəmmədəli Əbdürrəzzaq, Palton Abbasqulu, Novxanıdan Hacı oğlu Məşədi, Səlim oğlu Soltan, nardaranlı Paşa və sairə qapıda durmuşlar. Hacı Aslan börkünü gözlərinin üstünə itələyib, sözünə davam etdi: – Bu saydığım adamların hamısı burada hazırdır. Hacı nə əmr etsə, o saat yerinə yetirəcəklər. Ən qabaqca ruhanilər küçəyə çıxdılar. Bundan sonra Hacı aralıqda olmaq üzrə, Bakı kübarları, Bakı ziyalıları, fabrikaçılar, zavodçular, neft sahibləri bayıra töküldülər. Hacı Aslan ortalıqda xoruz kimi o tərəf-bu tərəfə atılırdı. O, əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səsləndi: – Uşaqlar! Hazır olun! Qapıda duran iki yüz nəfər Bakı qoçusuna sanki hazırlıq komandası verildi. Onlar əlləri ilə bellərindəki tapançanı yoxladılar. Hacı Aslan çuxasının ətəklərini qurşağına ilişdirib, qoçu dəstəsinin qabağında o tərəf-bu tərəfə fırlandı, əlindəki uzun çubuğu ilə onlara bəzi işarələr verdikdən sonra yenə də Hacının yanına qayıtdı. Hacı Aslanın verdiyi əmrə görə ramanalı Qurban ilə keşləli Mustafayev Həsənin dəstəsi ruhanilərin qabağınca gedib, küçəni təmizləyəcəkdi, çünki bir gün əvvəl daşnakların cənazəyə hücum edəcəyi şayiələri şəhərə buraxılmışdı. Yerdə qalan qoçular isə daldan, sağdan, soldan gedib cənazəni qorumalı idilər. Cənazədən bir az dalda çəmbərəkəndli Sadıq və Şahkəldi nəvəsi Tağının dəstəsi gedəcəkdi. Hacı səkiyə çıxıb, cənazə alayına gələnləri gözdən keçirdi. Hacının gözünə görünmək istəyən yüzlərcə yaltaq ziyalı ayaq barmaqları üstündə qalxıb başlarını zurafə kimi yuxarı qaldırırdılar. Hacının nəzərini hamıdan artıq cəlb edən qara lent bağlamış məktəb qızları idilər. Məktəb müdirələri — Məryəm xanım Sulkeviç və Səkinə xanım Axundova başdan ayağa qara paltar geymişdilər, özləri də talibələrin yanında dayanmışdılar. Böyük kilsənin böyük və xırda zəngləri birdən-birə səsləndi. Bu səs, cənazənin qaldırıldığı xəbərini verirdi. Hacının qapısında yığılanlar, qubernatorun evindəki cənazə alayına qoşulmaq üçün hərəkət etdilər. Çalınan zənglər və dəstələrin qabağında gedən ruhanilərin ağzından çıxan yasin və ərrəhman sədaları Bakı qoçuları və Bakı kübarlarının hərəkət marşı idi. Mollalar: «Külli mən əleyha fan» sözlərini dedikdə keşişlər də: – Upakoy, qospodi, duşu usopşeqo raba tvoeqo — deyərək, mollaların sözünə qüvvət verirdilər. «Millətin babası» — Hacı irəlilədikcə Bakı kübarları, Bakı millətçiləri də irəliləyir, arxalarınca gələn avam müsəlmanları ikinci erməni-müsəlman qırğınına doğru sürükləyirdilər. Bakı milyonçusunun bu hərəkəti, ermənilərlə müsəlmanlar arasında keçilməz bir uçurum yaratmağın zəminəsi demək idi. Cənazə üstündə hamıdan artıq iki nəfər ağlayırdı: onlardan birisi qoçubaşı Hacı Aslan, o birisi də milyonçu Ağabala Quliyev idi, çünki bütün Bakı müsəlmanlarından ancaq bu iki nəfər «Rus Milli İttifaqına» üzv yazılmışdı. * * * Hökumətin ikinci xəyanətinə qarşı Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar. İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər. May tətillərinin qəhrəmanı olan Montin iyul ayının iyirmisində tutulub Quba şəhərinin dustaqxanasına aparıldı. Lakin bununla bolşeviklər öz fəaliyyətlərini dayandırmadılar. Onlar hər gün iclaslar keçirir, hökumətin ikinci erməni-müsəlman qırğını hazırlaması haqqında geniş zəhmətkeş kütlələrinə məlumat verir və buna cavab olaraq fəhlələri avqust tətilinə çağırırdılar. Bu gün Əsgər də iclas keçirmək üçün Bayıl—Bibiheybət rayonuna getmişdi. Oradan çox gec qayıtdı. Balaxanı—Sabunçu rayonuna getmək mümkün olmadığından, o, Vasyanın mənzilinə getməyi, orada keçələməyi qərara aldı. Gecə saat on birdə Əsgər Vasyanın qapısını döydü, Vasya onu bir köynəkdə qarşıladı. Əsgərin gəldiyindən sevindi: neçə gün idi ki, Pavluşa və başqaları Vasyanı danışdırmırdılar. Yoldaşların hamısı Susanna məsələsində Vasyadan incimiş, onun mənzilindən ayaqlarını çəkmişdilər. Əsgər Vasyanın otağına göz gəzdirdikdə, doğrudan da otağın əvvəlki otaq olmadığını gördü. Otaq hər cəhətdən dəyişmişdi. Tavanı və pəncərələri abı rənglə rənglənmişdi, qapıdan və pəncərələrdən ağ, nazik və zərif pərdələr asılmış, əvvəlcə qəzet kağızları çəkilən stolun üstünə təmiz bir örtük salınmış, ağ üz dəsmalı əlüzyuyanın yanındakı çəngəldən asılmış, çay dəskahının və yemək qablarının üstünə ağ dəsmal salınmışdı; yatacaq tamamilə dəyişmiş və mədəni bir şəkil almışdı; evin döşəməsində milçək qanadı qədər zibil yox idi. Otağın səliqəli və mədəni bir qadının idarəsində olduğu məlum olurdu. Vasya Əsgərin çiyninə vurub dedi: – Görürsən ki, bunların hamısını o qız sahmana salıbdır. Sənin də Pavluşanın başına and olsun ki, bunların heç birisindən xəbərim olmamışdır. Mən ömrümdə belə bir sədaqətli, mərifətli, ədəbli qız görməmişəm. Bir parça qızıldır. Hələ onun marksist bir qız olduğunu və Marksın nəzəriyyəsini tamamilə mənimsədiyini görsən, heyrət edərsən. Amma çox təəssüf ki, yazıq qızın bəxti yoxdur. Yoldaşların heç birisi onu görmək istəmir. Nə üçün? Baş tapmıram! Birisi deyir ki: «Menşeviklər bu gözəl qızın vasitəsilə bolşeviklərin sirlərini almaq istəyirlər». Bəzilərindən eşidirəm: «Vasyanın özü də menşeviklərin xətt hərəkətinə yaxınlaşır». Bir qismi də belə söyləyir: «Vasya bu qızla evlənəcəkdir...» Doğrudan da qız mənə o qədər bağlanmışdır ki, qonşularımız da bizim ailə düzəldəcəyimizə inanırlar. Lakin mən Əsgərə söz verirəm ki, bu cür fikirlər xəyalıma da gəlməmişdir. Əvvələn, mən evlənmək istəmirəm, ikincisi də, qız çox gözəldir, ailəsi zəngindir, mən onun nazını çəkə bilmərəm. Tutaq ki, qız məni sevir, lakin yenə də onunla mənimki tutmaz. Amma bunu da deyirəm ki, qız bolşevikdir. Əsgər təəccüblə onun gözlərinə baxıb soruşdu: – Sən onun bolşevik olduğunu haradan bilirsən? – Mən də az-çox marksizm və sosializm məsələlərini anlayıram. Görürəm ki, qız məndən daha bilikli, daha qanacaqlı bolşevikdir. – Elə bu? – Daha bundan artıq nə olsun? – Hərgah sən ona marksizmi bildiyi və bu nəzəriyyəni lazımınca mənimsədiyi üçün bolşevik deyirsənsə, bu tamamilə yanlışdır, çünki insan bunları bilməklə yox, onu həyata keçirməklə, o nəzəriyyəyə sadiq qalmaqla, fəhlə hərəkatında iştirak etməklə bolşevik ola bilər. Bilirsən nə var, Vasya? Bir menşevikin bacısı bolşevik ola bilər. Bunu heç də inkar etmək olmaz! Lakin onun doğrudan da bolşevik olmasını öyrənmək və təyin etmək lazımdır. Bolşevikin başlıca sifətlərindən birisi də sayıq olmaqdır. Hər bir bolşevik öz qoşulduğu adamı yoxlamalı və onun nəliyini öyrənməlidir. Bunu bacarmasa, daha o nə bolşevikdir? İndi sənə sual verirəm: o qızı lazımınca öyrənmisənmi? O qız doğrudan da bolşevikdirmi? O qızla bir bolşevik kimi oturub danışmaq olarmı? Vasya dedi: – Mən zənn edirəm ki, o qız mənim təsirim altında sənin dediyin bir bolşevik ola biləcəkdir. Sən onun özü ilə bir də danış. O, səhər tezdən bura gələcəkdir. Özü ilə danışsan, görəcəksən ki, qız nə qızdır! Onda görərsən ki, bir çoxları mənə həsəd aparır; onunla danışdıqdan sonra görəcəksən ki, Jenya onun bir dırnağı da ola bilməz. Hər cəhətcə Jenyadan üstündür. Əsgər çiyinlərini dartdı və dodaqlarını büzüb dedi: – Sən deyirsən, mən də eşidirəm. Əvvələn, mən burada sən dediyin kimi, Jenya ilə Susannanı müqayisə edə bilmərəm. Doğrudur, mən Jenyanı yaxşı tanıyıram, amma Susanna ilə tanış deyiləm. Onu bir kərə konkada bayıldığı zaman götürüb faytona qoymuşuq. İkincisi də, mən o zaman yalnız qarşımıza çıxan hadisə ilə məşğul idim, qız heç yadıma da düşməmişdi. Gözəlliyə gəldikdə, demək olmaz ki, Jenya gözəl deyil, o həm gözəldir, həm də ədəblidir, tərbiyəlidir. İndiyə qədər mən onun Pavluşanı sevdiyinə dair bir söz danışdığını görməmişəm. Bunların hamısı ilə bərabər Jenya bizim üçün ən səmimi yoldaşdır. O, bolşevikdir. Sən də, Pavluşa da onu anlamırsınız. Mən onun namuslu qız olduğuna heç də şübhə etmirəm. Vasya özünü yığışdıraraq Əsgərin cavabını verdi: – Sən Susannanı yaxşı tanısan, onda bilərsən ki, necə dəyərli qızdır. Susanna həmişə siyasi və ədəbi məsələlərdən danışır. Sağlıq olsa, sabah tezdən onu burada görəcəksən və biləcəksən ki, mən sənə yalan satmıram. O bizim dalımızca deyilən sözləri eşitdiyi zaman deyir ki: «Mən elə də iradəsiz qız deyiləm, qoşulmaq və dost olmaq üçün də namuslu adamlar tapmağı bacarıram və bununla fəxr edirəm, dedi-qodulara heç də əhəmiyyət vermirəm. Mənə yoldaş lazımdır. O da sevgi yoldaşı yox, əqidə yoldaşı olmalıdır». Mən bu sözləri onun öz ağzından necə ki, eşitmişəm, elə də sənə deyirəm. Bir hərf artıq demiş olsam vicdanım yoxdur. Əsgər yavaşcadan gülərək Vasyadan soruşdu: – Sən kor ilə arvadının nağılını eşitmişsənmi? Bu sualdan Vasya acıqlandı: – Sən adam oğlusan ya yox? Əsgər yenə də gülərək dedi: – Mən adam oğlu olmadığım haqqında sənə az da olsa bir söz demişəmmi? – Yox deməmisən! – İndi ki, deməmişəm, bəs bu nə sualdır? – Sənin xasiyyətin məni məcbur edir ki, sənə bu qaba sualı verim. Ada, sən adamsan, iki saatdan bəri danışıram, axırda yenə başlamışsan mənə kor ilə arvadının nağılını deməyə. Zarafatın da yeri var. Sən, bir də Ayrapet hərənin quyruğuna bir çöp taxmaq istəyirsiniz. Özünüzün də üç qəpiklik ağlınız yoxdur. İndi səndən soruşuram: mən ölüm, özün de görüm, heç burada nağıl deməyin mənası varmı? – Vasya, acıqlanma! Yoldaş canı, zarafat eləmirəm. Korun arvadı ilə olan nağılı lap sənin barəndə düzəlibdir. – Necə yəni mənim barəmdə? Mən hara, kor hara? Korun arvadı ilə olan nağılının mənə nə dəxli var? – Sən bir acıqlanma! Nağıl o qədər uzun deyil. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz vur. – Yaxşı, danış görüm! – Bizim məhəllədə bir kor var idi. Anadan doğulanda kor doğulmuşdu. Onu evləndirmişdilər. Bir gün o öz arvadı ilə oturub danışırmış, arvadı ərinə deyir: «Çox heyif olsun, sənin gözlərin yoxdur. Sən mənim şuvə rəngli sünbül biçimli saçlarımı görsəydin, həmişə mənim gülər gözlərimi, qara kirpiklərimi, qızılgül yarpağına bənzəyən yanaqlarımı, təzə çırtlamış püstə kimi dodaqlarımı, dodağımın üstündəki qara və biçimli xalımı, yeridiyim zaman bir tavus quşu kimi süzdüyümü, çiynimin üstündən, çeyran kimi dönüb baxdığımı, bütün bədənimin naz və qəmzədən ibarət olduğunu görsəydin, biləcəkdin ki, sən dünyanın ən xoşbəxt bir adamısan». Kor arvadının bu sözlərini eşitdikdən sonra fikirləşib deyir: «Arvad, sözlərini inkar etməyə, sənə inanmamağa haqqım yoxdur. Ancaq məni şübhəyə salan bir şey var: hərgah sən özün dediyin kimi gözəl olsaydın, səni mənim kimi kora verməzdilər». Vasya dedi: – Nə olsun ki, bunun mənə nə dəxli var? Bizim söhbətimiz ilə bunun nə münasibəti? Əsgər cavab verdi: – Çox münasibəti vardır. Susanna sən dediyin kimi gözəl, tərbiyəli, mədəni, ədəbli bir qız olsaydı, onu sənə yaxın gəlməyə qoymazdılar. Sən fəqir, həm də bir qızın sevə biləcəyi oğlan deyilsən. Bəlkə də qızların arasında sənin kimiləri sevəcək qədər sarsaqlar vardır... Ancaq o qız ağıllı bir qız ola-ola, sənə yaxın gəlirsə, onun gizli bir səbəbi vardır. * * * Əsgər saat səkkizdə yerindən qalxıb Vasyanı oyatdı. Əlüzlərini yudular, yorğan-döşəyi yığışdırıb yerinə qoydular, pilətəni düzəldib çay qoymaq istərkən qapı açıldı, abı şlyapalı, nazik qiyafəli bir qız içəri girdi. Bu Susanna idi. Əsgər gözlərinə inanmadı: bu Susanna, konkada yıxılan Susannaya heç də bənzəmirdi. O, əlindəki bağlını stolun üstünə qoydu, paltosunu çıxarıb mıxdan asdı, şlyapasını götürüb paltosunun üstünə qoydu. Əlcəklərini çıxartdı, sonra da gəlib Əsgərlə tanış oldu. Vasya Əsgəri Susanna ilə tanış etdi: – Haqqında sənə danışdığım yoldaşımdır! Susanna onun əlini sıxaraq dedi: – Mənim həyatımın təhlükədən qurtarmasında iştirak edən yoldaşdır, mən çoxdan bəri sizinlə görüşmək və sizə təşəkkürümü bildirmək istəyirdim, bu gün o arzuma nail oldum. Qoyun hələlik sizin üçün çay hazırlayım, sonra oturub ətraflı danışarıq. Susanna mıxdan önlüyünü götürüb belinə bağladı, çay hazırlamağa, ev qadınları kimi çalışmağa başladı. Vasya sevincindən öz qabığına yerləşmirdi, bir Əsgərə, bir də Susannaya baxırdı. Çay hazır oldu. Susanna evlərindən Vasya üçün gətirdiyi ağ və yağlı çörəkləri stolun üstünə qoydu, özü də Vasyanın yanında oturdu, çörəkləri göstərib dedi: – Bunları anam, Vasya yoldaş üçün bişirmişdir. Çox yaxşı oldu ki, siz də gəldiniz. Mən çoxdan bəri sizinlə görüşməyi arzu edirdim. Madam ki, mən Vasya yoldaşla tanış olmuşam, bir zamanda ki, mən onunla əqidə yoldaşlığına qərar vermişəm, o vaxt Vasyanın yoldaşları ilə də tanış olmalıyam. Təəssüf olsun ki, onlar bu tərəflərə dolanmaq istəmirlər! Bilmirəm nə üçün? Məndənmi incimişlər, Vasyadanmı? Hər halda siz də, Vasyanın başqa yoldaşları da bizi yalnız buraxmışsınız. Mən Vasya yoldaşda həqiqi bir yoldaşlıq siması gördüm. Doğrudan da mən bu həqiqi və səmimi simanı menşevik ailəsi içərisində görə bilməmişdim. Əsgər özünü bilməməzliyə vurub soruşdu: – Siz menşevik ailəsindənsiniz? – Bəli! Bizim ailəmiz menşevik ailəsidir. Menşevik fəhlələrin rəhbərləridir. Siz İlya və Lev Şendrikovlar haqqında eşitməmisinizmi? – Necə ki, eşitməmişəm! Onlar dəfələrlə iclaslarda məruzə etmişlər. – Mən onların bacısıyam. Lakin mən qardaşlarım qurmaq istədiyi təşkilatın həqiqi simasını indiyə qədər təyin edə bilməmişəm. Bu təşkilatın ətrafına toplanan üzvlərin də simaları bəlli deyildir. Bu təşkilatın hazırda apardığı iş, hökumət və burjuaziya ilə yaratdıqları əlaqə menşevizmdən artıq zubatovçuluğa maildir. Qardaşlarım İlya və Lev həmişə öz çıxışlarında: «Bakı fəhlə hərəkatını Qərbi Avropa fəhlələrinin geniş hərəkatı şəklinə salacaqlar» deyirlər. Onların bu sözləri həyata keçə biləcək bir düşüncə deyildir. Daha doğrusu və qısası, fəhlə hərəkatına qarşı, inqilaba qarşı böyük bir xəyanət və cinayətdir. Buna baxmayaraq, menşevik paltarına girmiş şendrikovçuluq cərəyanı Bakı fəhlələrinin mühüm bir hissəsini öz təsiri altına ala bilmişdir. Sinfi idrakı inkişaf etməyən fəhlələr Şendrikov təşkilatına meyl göstərirlər. Menşeviklərin təşviqatı nəticəsində fəhlələrin bəziləri hələlik iqtisadi şəraitin yüngülləşməsi yolunu ən doğru bir yol hesab edir ki, bu da onları sürükləyib menşevizm çirkabı içərisinə tökür. Fəhlələrin bəziləri menşevikləri, menşevizmin təklif etdiyi qansız, sürkünsüz, dustaqxanasız olan mübarizə yolunu sevir, menşevizmin simasızlığını görə bilmir. Əsgər Susannanın bu sözünü təsdiq etdi: – Doğrudur! Menşevik təşkilatını və onun quruluşca mahiyyətini nəzərdən keçirmiş olarsaq, görərik ki, onlarda təşkilat kütlə üçün deyil, əksinə olaraq kütlə təşkilat üçündür. Buna görə də kütlənin siyasi səviyyəsi və sinfi tərbiyəsi kamil olduqca, o, menşeviklər sırasından çəkiləcəkdir. Hələ indinin özündə də menşevizm öz-özünü ifşa etməkdədir. Susanna: – Doğru deyirsiniz, — dedi, — təşkilat kütlə üçündür. Təşkilatçılar kütlə içərisindən çıxmış rəhbərlərdirlər. Madam ki, rəhbərlik yaramır, kütlənin tələblərinə cavab verə bilmir, kütləni həqiqi yolundan azdırır, bəzən də kütlədən öz şəxsi iradəsi üçün istifadə edir, o zaman kütlə o rəhbərliyi dəyişər, öz üzərindən ata bilər. Burası yəqindir ki, menşevik təşkilatının rəhbərləri də kütlə içərisindən çıxmış rəhbərlər deyillər. Menşevik təşkilatının ətrafında toplanan avam və düşüncəsiz fəhlələr hələ indiyə qədər təşkilat rəhbərlərinin işlərini nəzarət etməyin mümkün olduğunu anlamamışlar. Menşeviklər həyata keçirmək istədikləri hər hansı bir iş, kütlənin mənafeyi üçün, onun rəyi və iradəsi ilə deyil, təşkilat rəhbərlərinin xüsusi iradəsi ilə keçirilir. Belə olduqda təşkilat kütlə təşkilatı şəklini itirərək rəhbərlikedici müəyyən bir qruppanın diktatura aparatı xasiyyətini alır. Bir sözlə, menşevik təşkilatı proletariatın ehtiyac və tələblərinə uyğun bir təşkilat olmayıb, kütləni rəhbərlərin şəxsi iradəsinə uyğunlaşdıran bir təşkilatdır. Susannanın menşevizm haqqındakı fikirləri Vasyanı, eləcə də Əsgəri düşündürməyə bilməzdi. Əsgər və Vasya Susannanın qardaşı Lev və İlyanın çox bacarıqlı natiq olduğunu bilirdilər. Lakin Vasya Susanna ilə tanış olan gündən bəri onda gözəl natiqlik bacarığı olduğunu görməmişdi. Bunun üçün Vasya Susannadan soruşdu: – Nə üçün indiyə qədər menşeviklər haqqındakı fikirlərini mənə açıqca deməyirdin? – Mən bu fikirləri sənə əvvəlcə deyə bilməzdim, sənin bolşevik olduğun mənə aydın deyildi. Lakin mən sənin namuslu bir oğlan olduğunu birinci gündən yəqin eləmişdim. Məni bu evə bağlayan da həmin bu hisslərim oldu. Bu təbiidir. İnsanı bir-birinə bağlayan amil təmiz və səmimi bir hissin məhsuludur. Həmin o hisslərimin doğru çıxdığı nəticəsindədir ki, mən özgələrə deyə bilmədiyim şeyləri sizin yanınızda deyə bilərəm. Susanna sözlərini bitirdi, ayağa qalxıb önlüyünü çıxartdı, mıxdan asdığı paltosunu geydi, Vasyanın paltosunun cibindən pul götürdü və zənbili alıb bazara getdi. Vasya Əsgərə dedi: – Yoldaş, indi sən bu adamın səliqəsini necə görürsən? Qızın şendrikovçular, menşeviklər haqqındakı mühakiməsindən nə anladın? Sən görürsən ki, Jenya bunun bərabəri ola bilməz. Mən də, Pavluşa da bolşevikik. O, Jenya ilə tanış oldu, ona bağlandı, axırda qız gedib bir milyonçunun evinə girdi. Pavluşanın özünün də yoldan azması qorxusu vardır. Susannaya gəldikdə o, Jenyadan həm gözəldir, həm də mərifətlidir. Fikirləri də doğru fikirlərdir. Bunun yoldaşlığı da Jenyanın yoldaşlığından yaxşıdır. Lakin mən bir şeydən qorxuram, bəlkə bu qız menşevikdir... Bizi aldatmaq üçün özünü bolşevik göstərir... Hər halda mən buna bağlanmaq istəmirəm. De görüm, Əsgər, bu barədə sənin fikrin nədir? – Mənim fikrim budur: sevgi yaxın görüşlərin məhsuludur. İnsanın bir-birinə öyrəşməsi sevginin başlıca amilidir. Lakin sevgini vücuda gətirən başqa bir cəhət də vardır ki, bunu həm qadında, həm də kişidə aramalıdır. Bir qadın gözəldirsə, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. Susannada bunların hər ikisi vardır. O səni əlinə almağı, özünü sevdirməyi bacarır. Burada sənin heç bir nöqsanın yoxdur. Susanna kimi bir qızı hər bir gənc sevə bilər. Bu dediklərim məsələnin bir tərəfidir. Qarşılıqlı sevginin ikinci tərəfini kişilərdə aramalıdır. Qadın kişidə nəyi sevə bilər? Gözəlliyi, kişiliyi ifadə edən təmkini, vüqarı, tərbiyəni, mədəniyyəti və ən nəhayət qadını yaşada biləcək maddi vəziyyəti... İndi mən, sən Vasyaya yoldaşcasına bir sual verim: bu dediklərimin hansı birisi səndə vardır? Vasya cavab vermək üçün xeyli düşündü, axırda dedi: – Bunların heç birisi məndə yoxdur. – İndi ki, sən özündə səni sevdirəcək xassələrin heç birinin mövcud olmadığını bilirsən, o zaman qızın sənə yaxın gəlməsi səbəblərini arayıb öyrənməlisən. Ola bilər ki, qızı qəsdən sənin yanına göndərmişlər; sənin bolşevik olduğunu bildikləri üçün qıza tapşırıq vermişlər. Sən az bir müddətin içərisində bu qıza bağlandığın halda, Pavluşanı tənqid etməyə nə haqqın var? Onun Jenya ilə olan tanışlığının tarixi yeddi ilə qədərdir. Jenyanın milyonçu evində olduğuna baxmayaraq heç bir xəyanəti görülməmişdir. Kim bilir, bəlkə də bu qızın sənin yanına göndərilməsi işində gizlin əllər vardır?.. Vasya: – Yox! Bu ola bilməz! — dedi. — O qızın üzü də göstərir ki, o sevmək və sevilmək üçün yaranmışdır. O, xəyanət etməyi bacarmaz. O utancaq və məsum üzə xainlik yaraşmır. O, bolşevik olduğuna səni də və bir çoxlarını da inandıracaqdır. Sən haqlısan, mən qızı lazımınca öyrənməmişəm, lakin həqiqət şübhələr içərisindən süzülüb çıxar; ümid edirəm ki, qızın haqqında olan şübhələrin içərisindən çıxan həqiqəti çox tez görəcəksən. Mənim nə qədər xoşbəxt olduğumu ancaq o zaman hiss edəcəksən. Əsgər bu söhbəti qurtarmaq üçün dedi: – Bilirsən, Vasya, bizim qadın məsələləri ilə məşğul olmağa vaxtımız yoxdur. Mən sənə son sözümü deyirəm: bu qızın tanışlığı şübhəli tanışlıqdır. Mən sənin yerinə olsaydım, bu gündən onun ayağını bu evdən kəsərdim. Hələlik salamat qal! Mən getdim. Vasya ayağa qalxıb Əsgəri tutdu: – Hara gedirsən? Yazıq qız nahar bişirmək üçün ərzaq almağa getdi... – Yox, Vasya, mən otura bilmərəm. Nahara da ehtiyacım yoxdur. Qız da yazıq deyil. Yazıq sənsən, özünə yazığın gəlsin! Əsgər getmişdi, Vasya oturub düşünürdü. * * * Çarizm öz işini gördü Çar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı. Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi. Bu alaylar bir neçə gün əvvəl siyahıya alınmış evləri topa tutacaq və içindəkiləri məhv edəcəkdilər, bunun üçün də onlar bir neçə hissəyə ayrılmışdılar. Hər hissəyə bir top verilmişdi. Bu hissələr, Bakı komitəsinə yaxın olanları, işdə və sözdə inqilaba hüsni-rəğbət bəsləyənləri, inqilab və konstitusiya sözünü bircə kərə dilinə gətirənləri tutmaq və məhv etmək əmrini almışdılar. Çar polisi tərəfindən təyin edilmiş provakatorlar: «Bu evlərdən qoşuna güllə atıldı», — deyə evi topa tutdurur, xalqı tələf etdirirdilər. Altı nömrəli batareya öz ağalarından aldığı əmrləri lazımi qədər həyata keçirməyə başlamışdı. Eyni zamanda erməni-müsəlman xalqı da bir-birini qarət etməkdə idi. Mədənlərdə içməli su yox idi. Tətil etmiş fəhlələri susuzluqla işləməyə məcbur etmək siyasəti aparılmaqda idi. Neft sahiblərindən bir çoxu fəhlələrin avam təbəqəsindən istifadə edir, azərbaycanlıları və ləzgiləri aldadaraq tətili pozurdu. Uzun tətillər fəhlələri çox ağır maddi vəziyyətə salırdı, minlərcə rus zəhmətkeşi Bakını buraxıb öz vətəninə qayıdırdı. Mədən-zavod sahiblərindən bir çoxu müqavilələrin ləğv edildiyini və fəhlələrin işdən çıxarılmış olduqlarını elan edirdi, lakin elan heç bir nəticə vermirdi; fəhlələr öz haqq-hesabını almaqdan boyun qaçırırdı. Hökumət vəziyyətin daha da ağırlaşdığını hiss edib mədənləri polis mühafizəsinə tapşırmışdı. Avqust hadisələri şiddət edirdi. Hökumətin şəhərdə oynadığı qanlı oyunlar fəhlə dairələrinə də sirayət edirdi. Soyğunçuluq, adam öldürmək, qarət davam edirdi. Yüzlərlə neft buruqları və mədənlər yandırılırdı. — Ağşəhərdə neft ilə dolu olan rezervuarlar sındırılır, neft axıdılır və yandırılırdı. 8500-ə qədər rus fəhləsi öz ailəsini götürüb qorxulu Bakıdan çıxırdı. Bakı komitəsi çar hökumətinin avqust ayındakı xəyanətini ifşaedici bir intibahnamə buraxdı. Bakı qradonaçalniki Bakını işsizlərdən təmizləmək və inqilaba qoşulan dəstələrin sayını azaltmaq üçün avqust ayının dördündə aşağıdakı elanı verdi: «İşsizlər öz xahişləri ilə Bakını tərk edib öz vətənlərinə getməlidirlər. Öz rizası ilə getməyənlər inzibat təriqi ilə göndəriləcəkdir». Yanğın baş verməyən mədənlər dayandırılmışdı. Küçələr və mədənlər işsizlər dəstəsi ilə dolmuşdu. Avqust hadisələri nəticəsində sentyabrın altısına kimi doxsan beş nəfər öldürülmüş, yüz doqquz nəfər yaralanmışdı. Doxsan beş yerdə qarət baş vermiş, otuz bir yerdə də yanğın əmələ gəlmişdi. Balaxanı—Sabunçu və Ramana mədənlərində buruqların dörddə üçü yanıb məhv edilmişdi. Bibiheybətdə altı yüz buruqdan ancaq yüz iyirmisi salamat qalmışdı. Bütün mexaniki emalatxanaların maşın və karastıları dağıdılmışdı. «Qafqaz» Balaxanı cəmiyyəti və Ter-Akopov mədənləri tamamilə, Balaxanı cəmiyyəti buruqlarının üçdə biri, Nobel şirkəti buruqlarının altmış faizi, «Oleum», «Vlabişin»in mədənləri bütün-bütünə məhv edilmişdi. Rotşildin Ramana sahəsində ancaq bircə mədəni salamat qala bilmişdi. Oktyabrın iyirmi üçündə Montin yoldaş dustaqxanadan çıxıb Bakıya gəlmişdi. O, yenə də tətil edən fəhlələrin qabaq sırasında gedir və onları mübarizəyə aparırdı. Hər yerdə nümayişlər və siyasi çıxışlar baş verirdi, nümayişçi dəstələrin qabağında yenə də al bayraq dalğalanırdı. Bakı polisi yenə də Montin yoldaşı axtarırdı. Bakı general qubernatoru Amilaxvari onun tutulması üçün böyük mükafat təyin etmişdi. Bir gün Montin öz yoldaşları Pavluşa, Əsgər, Xanlar və başqaları ilə getdiyi yerdə pristav onu dayandırdı: – Dur! Sən həbs olunursan! Montin heç də özünü itirməyərək, vüqarla pristava dedi: – Məni tutsanız, sizi öldürəcəklər! Pristav bu sözdən qorxub, Montini tutmaqdan boyun qaçırtdı. * * * Bu gün aralıq bir az sakit olmuşdu. Milyonçu Hacının xanımı bir gün əvvəl Mərdəkan yaylağından şəhərə qayıtmışdı. Bir gün əvvəl general Əlixanov Məsudbəy Avarskinin xanımı Hacının xanımının görüşünə gəldiyi üçün, bu gün də xanım generalın arvadı Zərrintac xanımın görüşünə gedəcək idi. Buna görə də özünü azad hiss edən Jenya Sabunçuya getmək, ata-anası ilə görüşmək fikrinə düşmüşdü. Axşam qaranlıq düşəndə Jenya Pavluşadan bir məktub aldı, tələsik öz otağına girib elektrik lampasını yandırdı, məktubu oxumağa başladı: «Əziz yoldaş Jenya! Bu məktubu sənə qorxa-qorxa yazdım, çünki sən neçə müddətdir ki, mənim ilə köhnə yoldaşlıq əlaqəsində deyilsən. Bəlkə də təqsir məndədir. Bu barədə bəhs açmaq istəmirəm. Bəlkə də bu gün bizim aramızdakı anlaşılmazlıq həll olub gedər. Mən yavaş-yavaş sənin Vasya haqqındakı fikirlərinlə şərik olmağa başlayıram. Doğrudan da mən Vasyanın lazım olmayan məsləhətlərinə qulaq asmaqla səhv edirmişəm. Lakin bu səhvimin səbəbi də yoldaşlarıma səmimiyyət bəslədiyimdən irəli gəlirdi. İndi isə mən Vasyanın özünə də xəbər vermişəm, ona səninlə mənim dostluq və yoldaşlıq əlaqəmizə qarışmamasını tapşırmışam. Jenya, hər nə olubsa, keçib gedibdir. İndi yaxşı vaxtdır. Bir az işləmək imkanı da vardır. Gəl yenə də əlbir işləyək. Sənin işə soyuq baxmağın barəsində yoldaşlar da danışırlar. Daha indi hökumətin manifestindən sonra evdə də yaşaya bilərsən. Olmazsa, başqa otaq tapmaq da mümkündür. Yoldaşlar sənin fəaliyyətini heç də unutmamışlar. Xanlar, Montin və başqa yoldaşlar həmişə yeri gələndə səni soruşurlar. Xüsusilə Montin yoldaş dustaqxanadan qayıdıb Bakıya gələn kimi səni soruşdu və sənə salam yetirməyimi tapşırdı. Bunların hamısı öz yerində. Məktubu göndərməyimin mühüm bir səbəbi vardır. Bu gün axşam saat doqquzun yarısında mümkün olursa paltarını dəyişib, Bakı vağzalına gələrsən. Bu gün Koba və Montin yoldaşlar Tammerforsda çağırılmış Rusiya bolşeviklərinin birinci konfransına gedəcəkdir. Montin və Koba yoldaşı görmək istəyirsənsə vağzala gəl. Jenya, acığı, küsməyi bir tərəfə qoyub, bu gecə vağzala gəl! Mən müqəssirəm, bir saatlığa məni bağışla... Yoldaşları yola salandan sonra Əsgər və sair yoldaşlarla birlikdə Ayrapetin evinə gedəcəyik. Varvara bacı bizi kəlləpaça yeməyə qonaq çağırıbdır. Pavel». Jenya məktubu oxuduqda Pavluşa ilə keçirdiyi günləri bir daha xatırladı. Ürəyindəki yoldaşlıq məhəbbəti qaynadı, Jenyanı hərəkətə gətirdi. O, indi vağzala uçmaq üçün qanad axtarırdı. O, Pavluşa və konfransa gedən yoldaşlarla görüşərkən, üç bayramı birdən keçirəcəkdi. Məktubu, başqalarının əlinə düşməsin deyə gizlətdi. Paltarını dəyişib tələsik küçəyə çıxdı. Əvvəlcə faytonla getmək istədi; bu polisin nəzərini cəlb edər deyə piyada getmək qərarına gəldi. O, Gorçakovski küçədən keçib Tatarski küçə ilə getmək istəyirdi, bu küçələrdə jandarm və polis nəfərlərinə çox az-az rast gəlmək olardı. Küçələrdə heç kəs yox idi. Jenyadan bir az qabaqda əlində kiçik çamadan olan bir adam gedirdi. Küçə çox qaranlıq idi, xüsusilə Tatarski və Aziyatski küçələrin tini olduqca qaranlıq idi. Jenya qorxmurdu, çünki ondan qabaqda gedən adam çox da uzaqda deyildi. Jenya Aziyatski və Tatarski küçələrin tininə yetişərkən, bir tapança səsi eşitdi. Diksindi, lakin yoluna davam etmək istədi. Bakıda hər dəqiqə tapança səsi eşitmək mümkündü... Qabağında gedən adamı görmədi, onun sürətlə getdiyini, bunun üçün də gözdən itdiyini zənn edib tez-tez yeriməyə başladı. Çox çəkmədi küçənin ortasına yıxılmış bir adama rast gəldi, yaxınlaşdı, diqqətlə baxdı, tanıdı. Diz çökdü, onun başını dizi üstə aldı. Gözlərindən düşən yaş onun alnındakı güllə yarasına toxunarkən, o, gözlərini açdı, yenə də yumdu. Jenya öz-özünə: – Çarizm öz işini gördü, Montin yoldaşı bizdən aldı! — deyərək bütün varlığı ilə titrədi. * * * == Döyüşən şəhər == I. Qonaqlar Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi. Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu. Dənizin qəlbi, həyatının ikinci dövrünə təzəcə qədəm qoyan bir gəncin qəlbi kimi döyünürdü. Kiçik dalğaları qaz sürüsü kimi qabağına qatıb kişləyən cənub ruzigarı, şabalıd rəngli mazut silsiləsini Bakı limanının ağ daşlarına çırpırdı. Mazut uğrunda mübarizə əsasında başlayan cənub küləkləri davam etdikcə «Kursk» gəmisi də öz vuğarını itirmiş və böyük bir hovuza atılmış qoz qabığı kimi fırlanırdı. Cənubdan və şərqdən əsən bu qudurğan küləklər, qızıl Bakının başı üzərində bir-birinə toxundukca Bakı mühiti də bir mübarizə sahəsinə dönməyə başlayırdı. Bakı görünür; xəritədə şimaldan bir nəhəngin burnu kimi dənizin böyrünə girmiş qara nöqtə böyüməkdədir. Gəmi sürətlə üzür, göyərtədən baxan iki qızın nəzərləri isə neft buruqlarından təşkil olunmuş meşələrə düşdükcə onlar nəşələnir və məqsədə yaxınlaşdıqları üçün sevinirdilər. Rayanın gözləri dənizin suyu kimi mavi, Leylanın gözləri isə suyun üzərində çırpınan mazut giləsi kimi qara və qumraldır. Bakı görünür; qısır və otsuz təpələr, oraq kimi əyilərək böyük bir limanı qucağına alır, qocaman şəhər dəxi göz önündə təcəssüm etməyə və böyüməyə başlayırdı. Zirzəmilərində minlərcə vərəmli işçilər olan daş qalalar, alman məmarlığına təqlid ilə tikilən burjua sarayları, işçilərin sümükləri üzərində qurulan binalar bütün əzəməti ilə dənizə baxırdı. Arxasında tənbəllər bəslənən pəncərələr göründüyü kimi, ağzını cənuba açaraq geniş nəfəs almaq istəyən burjuaziya dəxi gəmidən baxan durbinlərin şüşələri qarşısında canlanırdı. Əski qafasını yeni binaların qoltuğundan göstərən, çürümüş omba sümüyü kimi bozaran və əski dünyanın məzar daşı qədər dikələn minarələrin gözü də «Kursk» gəmisini salamlayır və yenə də mürgüləyirdi. «Kursk» gəmisində gələn müsafirlər artıq hər tərəfi görürdü. Onlar Şirvan xanlığının sümükləri üzərində duran və yumurta kimi ağaran qübbələri gördüyü kimi, daş yığınlarından ibarət olan Xansarayına və Sultanxəlil hərəminin qanlı poemalarını oxuyan bacalara da tamaşa edirdilər. Şah məscidinin minarəsində ulayan və müsəlmanları məscidə çağıran bayquşun səsi də, Sultanxəlilin zindanındakı altı yüz illik sümüklərin tarixindən parçalar deyirdi. Təzəpir məscidinin asimanxəraş minarələri başındakı aypara, çarlıq dövrünün sönmüş dəhşətlərini nişan verən kilsələr görünürdü. «Kursk» gəmisi, insan qanlarını küçələrindən təmizləmək üçün suya çuman Səbayel şəhəri məhəllələri ilə limana doğru irəliləyirdi. İndi isə cənub-qərbdən Bayıl, şərqdən Suraxanı, şimaldan və qərbdən isə Balaxanı, Sabunçu rayonunun buruqları görünməyə başlamışdı. Qara şəhərin tüstüləri, «Kursk» gəmisini istiqbal edirkən Qız qalasının əndamına toxunan qeyri-adi küləklərin barmaqları da, min illərdən bəri açılmamış tarix kitabını vərəqləyirdi. Burnu Qafqaz-Merkuri körpüsünə toxunarkən, «Kursk» gəmisi fikirli adam kimi köksünü ötürərək diksindi. Hər kəs şeylərini gəmidən çıxarmağa tələsirdi. Leyla və Raya isə öz yerindən hərəkət etməmişdi, çünki onları Ənzəli şəhərindən Bakıya müşayiət edən doktor Araratyan belə məsləhət görmüşdü. Xanımları qarşılayan menşevik, daşnaq və eser rəhbərləri, müsafirlərin çoxluğu nəticəsində, gəmiyə girmək və xanımlara təqdim olunmaq imkanını əldə edə bilmirdilər. Doktor Araratyan xanımların darıxdığını hiss edərək, onları körpünün üstünə gətirdi. Qızlar yeni qədəm qoyduqları bolşevik şəhəri ilə maraqlanırdılar. Raya doktor Araratyana müraciətlə: – Rica edirəm, bolşevikləri mənə göstərin, mən onlarla çox maraqlanıram, – dedikdə, doktor Araratyan müsafirlərin şeylərini yoxlayan gənc bir məmuru göstərərək: – Baxın, bu bolşevikdir, – dedi. Bir azdan sonra yoxlayıcı məmur onlara yanaşaraq: – Hərgah icazə versəydiniz, sizin də şeylərinizi yoxlardıq, – dedi. Şeylər yoxlandıqdan sonra yoxlayıcı məmur nəzakətlə: – Şeylərinizi alıb gedə bilərsiniz! – dedikdə, Leyla Araratyana müraciət edərək: – Mən inanmıram, – dedi, – bu məmur bolşevik deyildir. Raya təəccüblə: – Nə üçün? – deyə soruşdu. Leyla dedi: – Çünki bolşeviklər haqqında eşitdiyim qabalıqlardan heç birisini bunda görmədim. Bu qayət nəzakətli bir məmurdur. Araratyan dedi: – Bu məmur – məni tanıdığı üçün xanımlara hörmət göstərmək məcburiyyətində qaldı. Araratyanın bu sözündən sonra Leyla sakit oldu, lakin Rayanın qane olmadığını çöhrəsindəki narazı baxışlar bildirirdi. Raya və Leyla doktordan ayrılaraq, körpünün üstündə dolaşmağla ətrafı gözdən keçirirdi. Qarovul postunun taxta divarına yapışdırılmış bir müraçiətnamə Rayanın diqqətini cəlb etdi: «Komissarlar Sovetinin Bütün Bakı işçilərinə müraçiəti Yoldaşlar! Ərzaq böhranı davam etməkdədir. İşçi, soldat nümayəndələri soveti və onun icraiyyə orqanlarının bütün təlaşına baxmayaraq, böyük miqdarda alınan taxıldan, ən az bir hissəsini gətirmək mümkün olmuşdur. Bu zəminədə, yəni aclıq zəminəsindəki həyəcan sizin ruhunuzu sıxdığından biz bir daha sizə müraçiət edirik: həyəcan və səbirsizlik lazım deyildir. Aclıq, fitnəkarlar üçün gözəl bir zəminədir. Yoldaşlar! Düşmənlərin akitasiyasına qapılmayın!» Raya müraçiətnaməni oxuyarkən Leyla xanım ona yanaşaraq: – Nə oxuyursan, – deyə soruşduqda, Raya müraçiətnaməni bir daha oxudu və əlavə etdi: – Təəssüf edirəm ki, müraçiətnamənin yarısı cırılmışdır. Doktor Araratyan da gəlib müraçiətnaməni gözdən keçirtdi və: – Ağılsız bir müraçiətnamədir, – dedi, – bu həriflər ac işçilərə dil tökmək və yalan vədlər verməkdən əl çəkmədilər. Araratyanın sözlərindən sonra Raya heç bir söz demədi, ancaq o, bolşeviklərin nə qədər ağır vəziyyətdə yaşadığı və onların xarici düşmənlərlə bərabər, daxildə də böyük düşmənlərlə mübarizə aparmaq məcburiyyətində qaldıqlarını hiss etdi. Körpü üstündə cürbəcür səslər eşidilirsə də, qəzet satanların səsi bütün bu səslərə üstün gəlirdi. – Bakı ac qalmayacaqdır! – Mərkəzi Komitənin teleqramı! – Qızıl Moskva Bakı işçilərini unutmamışdır! Bu səsin ətrafına toplananlar çox idi, qəzetlər əldən-ələ gəzirdi. Bu qəzetlərlə, qazanılmış qələbənin aclıq böhranı nəticəsində təhlükə altında qaldığını hiss edən Bakı əməkçiləri maraqlandığı kimi, bolşevikləri süni aclıq təhlükəsi ilə boğmaq istəyən daşnaq, menşevik və eserlər də maraqlanırdı. Araratyan qəzetdən bir nüsxə aldı və böyük hərflərlə yazılmış bir xəbər oxudu: «Radio ilə Bakıda Şaumyana xəbər verin. Tezliklə Xasavyurd–Petrovsk xətti düzələcəkdir. Bakı üçün hər bir şey müntəzəm surətdə göndəriləcəkdir. Hər nə cür olsa taxıl göndərəcəyik!.. Ağçaqabul cəbhəsini möhkəm etmənizi rica edirik. Ruhdan düşməyin!» Raya: – Demək ki, Bakı aclıq təhlükəsindən xilas olmaq üzrədir, – dedi, – taxıl olsa, hər iş düzələr. Araratyan isə gülümsünərək: – Yavrum, – dedi, – biz də qəzet işini bilirik. Bunların hamısı uydurma xəbərlərdir. Saritsın şəhəri çoxdan Krasnov ordusu hissələrinin əlindədir. Bu xəbərləri Bakı bolşeviklərinin qazanında bişirirlər, lakin fayda verməz, çünki bütün Rostov – Bakı dəmir yolu çar generallarının əlindədir. Hərgah biz, bolşeviklərin işçini yaşada bilmək qabiliyyətinə malik olduğuna inana bilsəydik, mədəni ingilisləri Bakıya dəvət etmək üçün dəfələrlə Həmədana və Ənzəliyə getməzdik. Körpü üstü artıq boşalmışdı. Araratyanın məiyyətindəki xanımların istiqbalına tələsmiş daşnaq, menşevik və eser partiya rəhbərlərindən Melik-Elçiyan, cəbhə komandanı və ərkani-hərb miralayı Avetisov, tabur komandanı Hamazasb, onun sevgilisi, Araratyanın qızı – Ester xanım, menşevik və eser rəhbərlərindən Velonts, İvanov, Nəccarov, Ayollo, Sadovski və sairələri əskəri nizam ilə dayanaraq təzə gələn qonaqları salamlamaq üçün hazırlaşmışdılar. Doktor Araratyan böyük bir iftixarla xanımları onların istiqbalına gələn rəhbərlərlə tanış edirdi. – Bu, Leyla xanımdır. Əlahəzrət ingilis kralının fəxri yaveri, Hindistan, Dehli tac-taxtının vəliəhdi, həşəmətli şahzadə Bahadır xanın nişanlısıdır. Bu sözdən sonra rəhbərlərin başı, ağaca dırmanmış tağdan sallanan balqabaq kimi əyildi. Doktor Araratyan Raya xanımı təqdim edərək dedi: – Bu xanım, hörmətli, əzəmətli, miralay Tiq-Çonsonun nişanlısı Raya xanımdır! – Rəhbərlərin başı uşaq əyləncələrində birinci yeri tutan və gipsdən qayrılmış pişiklərin başı kimi əyilib, yenə qalxdı. Doktor Araratyan sonra doktor Yusifidisi təqdim etdi: – Bu cənab, möhtərəm xanımların xüsusi doktorudur. Olduqca möhtərəm və ziyalı bir zatdır. Rəhbərlərin hamısının dişləri ağardı və əlləri irəli uzandı. Britaniya imperializminin məhəbbəti ilə ağırlıq edən başlar bir çox dəfə əyildi və ingilis missiyasının qabaq dəstəsi olan bu kiçik qrupu bir neçə dəfə salamladı. Vizitqaların ətəkləri qartal qanadları kimi sağa və sola dönürdü. Onlardan hər birisi xanımlara səmimiyyət göstərmək üçün cürbəcür əda və hərəkətlərdə olurdu. Körpü üstündə uzun nitqlər söyləməyə imkan olmadığından, Sadovski irəli keçərək xanımlara «xoş gəldiniz» mərasiminə başladı: – Mədəniyyət tarixinin ilk səhifəsini çevirmək və London ilə Zaqafqaziya əlaqəsinin ilk qədəmini atmaq ancaq bizə müyəssər oldu. Bizə birinci olaraq bu şərəfi qazandıran hər iki xanıma müraciətlə: «Xoş gəldiniz!» deməklə, özümüzü son dərəcə bəxtiyar hesab edirik. Sadovskinin sözündən sonra, gələcək «səadətin» nəşəsini daşıyan başlar bir daha ağırlıq etdi. Doktor Araratyanın çöhrəsindəki şadlıq əsərləri, körpüyə gəlmiş «rəhbərlərə» qarşı fövqəladə bir iftixarı nümayiş etdirir və ürəyində deyirdi: «İstər eserlər, istərsə menşeviklər, erməni milli sovetinin möhtərəm nümayəndəsi olan Araratyana minnətdardır, çünki onlara bu şərəfi qazandıran yalnız mənəm!» Körpüdən çıxmaq lazım gəlirdi. Lakin xanımların şeylərini götürmək üçün çağırılan hamballar geri qayıtmaq məcburiyyətində qaldı, çünki xanımların şeylərini faytona daşımaq şərəfi, yenə də daşnaq, eser və menşevik rəhbərlərinə qismət oldu. İvanov Rayanın, Sadovski Leylanın, Hamazasb isə öz sevgilisi Esterin qolundan tutub dışarı çıxdıqda, Ayollo gözünü hər tərəfə çevirərək daşımaq üçün bir şey aradı. Bu şərəfə nail olmaq vasitələrini görmədiyindən, o da yalnız Leyla xanımın çətirini və cibindən körpü üstünə saldığı dəsmalını aparırdı. Velonts, Elçiyan və Avetisov tamamilə bu iftixardan məhrum qaldılar, çünki qabağa düşənlər macal vermədilər. Onlar xanımların kölgəsi kimi sürünüb körpüdən çıxmaq istərkən, Araratyan onları dayandırdı. – Ağalar, bir az dayanın! – dedi. – İşimizin mühüm bir cəhəti qalmışdı. Fotoqraf dalınca göndərdiyimiz adam bu saat gələcəkdir, xanımların şəhərə varid olmaq təntənəsini bir yadigar olaraq çəkdirməliyik. Bir neçə dəqiqə dayandılar; hər kəs götürdüyü şeyləri qoyub yanında durmuşdu. Fotoqraf gəldi. Şəkil alındığı zaman Velonts və Elçiyan fürsətdən istifadə edərək xanımların arxa tərəfində durdular. Sadovski, İvanov bunları dümsükləyib irəli soxulmaq istədisə də fotoqrafçı: – Ağalar, rica edirəm, tərpənməyiniz! – deyərək onları sakit elədi. Küçələr və körpünün qarşısı işsiz camaatla dolmuşdu. Bunlardan bir çoxu İrandan gələn müsafirləri qarşılamaq və onların gətirdiyi şeyləri almaq istəyən alış-verişçilərdi. Sadovski bu möhtəkirləri Leyla xanıma göstərib: – Bunların hamısı bolşevik fəlakətinin qurbanlarıdır, xalq acdır, çılpaqdır, yemək axtarır. Biz bunları ölümdən qurtarmaq istəyirik. İvanov bu sözləri dediyi zaman alış-verişçilər də İrandan gələn alış-verişçilərə yanaşaraq düyü, kişmiş və sair şeylərin qiyməti üzərində çənə döyürdülər. İvanov Raya xanımın, Hamazasb Ester xanımın, Sadovski Leyla xanımın qolundan tutub faytona oturtdular. Müsafirləri aparan faytonların başı «Metropol» otelinin qarşısında, ayağı isə körpüdə idi. * * * II. «Metropol» Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı: «Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır». Yenilikləri salonlarda, stolların örtüsündə, yemək qablarında, çəngəl-bıçaqlarda, yeməklərin növlərində, xidmətçilərin libasında, onların qolları üzərinə saldıqları dəsmallarda, taxta döşəmələrdə, lampalar və avizələrdə, tavanlar və pilləkənlərdə – hər yerdə, hər bucaqda, hətta menşevik və eser rəhbərlərinin vizitqa və ağ yaxalıqlarında da görmək mümkün idi. Bugünkü ziyafət, bolşeviklərə qarşı Bakı menşeviklərinin Gürcüstan menşevikləri ilə olan həmrəylik və əməkdaşlığını göstərirdi. Gürcüstan menşeviklərinin Zaqafqaziya dəmir yollarını açaraq alman-türk ordusunu Bakıya buraxmasına cavab olaraq, Bakı menşevikləri də ingilisləri Bakıya gətirməyə və Bakı proletariatını ikitərəfli təzyiqin arasında əzməyə hazırlaşırdılar. Daşnaq və menşeviklərin görkəmli adamlarına göndərilən dəvətnamələrdə: «Bakıya qonaq gəlmiş iki nəfər möhtərəm ingilis ailəsinin şərəfinə düzələn ziyafətdə iştirak etmənizi rica edirik. Ziyafət axşam saat 11-də «Metropol»un böyük salonunda olacaqdır. Sadovski». Ziyafət salonunun böyük avizələrinə işıq buraxılan kimi «rəhbərlər» də yaxalıqlarını düzəldərək pilləkənlərdən yuxarı qalxırdı; özünün hamıdan əvvəl gəldiyini düşünənlər balkona çıxarkən Sadovskini orada görürdülər. Sadovski hamıdan əvvəl gələrək xanımların yuxudan durub-durmadıqlarını öyrənməyə çalışır, heç bir məlumat ala bilmirdi, çünki xanımların otağına təyin edilmiş xidmətçi qızları da görmək mümkün deyildi. Sadovski bir neçə dəfə açar yerindən içəri baxmaq istədisə də mümkün olmadı. Çünki balkonda o tərəf-bu tərəfə gedənlər buna imkan vermirdi. Nəhayət o, qapıya yanaşaraq, həsir börkünü əlinə aldı və qulağını qapıya söykədisə də içəridən heç bir səs eşidilmədi... Saat on biri keçirdi. Bütün fikirləri Bakı Sovetinə qarşı xəyanətdən ibarət olan menşevik, eser, daşnaq nümayəndələri əksinqilabın baş qərargahı sayılan «Metropol»a toplanmışdı. Hər şey öz yerində idi, aralıqda çatmayacaq bir şey varsa, o da xanımların yuxudan qalxmamasından ibarət idi. Cəbhədən ziyafətə dəvət edilənlər də salonda gözləyirdilər. Üzərində ağ və nişastalanmış əl dəsmalları ehram kimi düzələn ağ örtüklü stollarda sükut hökm sürürdü. Yuxarı başda toplanmış simfonik orkestrin səsi çıxmırdı. Bir əli bolşevik, digər əli isə menşevik və daşnaq ətəyində olan general Dukaçiyev, Hamazasb və miralay Qazarov, Arutyunovlar, hərbi nazir Baqratuni, cəbhə arxasında duran xüsusi qatar ilə Bakı stansiyasına və oradan da yumşaq maşınlara oturub «Metropol» salonuna axışırdılar. Ordusunu düşmən qarşısında başsız qoyub «Metropol»a tələsən silahlı ağalar cəbhə telefonlarını «Metropol» müdirinin kabineti ilə birləşdirərək ziyafətin nə vəziyyətdə olduğunu xəbər alır və gecə saat birə yaxın ziyafətə gələcəklərini xəbər verirdilər. «Rəhbərlər»in cəbhədən nə vaxt gələcəyini və cəbhənin nə vəziyyətdə olduğunu hamıdan əvvəl «Metropol» müdirindən öyrənmək olurdu. Sadovski çox həyəcanlı bir vəziyyət keçirirdi, o, vaxtını keçirmək və xanımlar yuxudan duruncaya qədər məşğul olmaq üçün bir iş axtarırdı. Nəhayət, dəhlizdə qoyulan böyük güzgünün qarşısından keçərkən öz yaxalığında müxtəsər bir uyğunsuzluq hiss etdi və düzəltmək üçün tələsik kiçik salona getdi. Ayollo Sadovskinin orada olmamasından istifadə edib, onun yerini tutdu və gözünü qapının açar yerindən içəri dirədi. İvanov barmaqları üzərində çox ahəstə yeriyərək onun qulağına pıçıldadı: – Möhtərəm xanımları rahatsız etmənizi məsləhət görmürəm. Belə işlər beynəlxalq bir skandala da səbəb ola bilər. Ayollo geri çəkildi, lakin buna baxmayaraq, o, xanımlarla daha çox maraqlanır və ingilis xanımlarının diqqətini özünə cəlb etmək üçün daha artıq çalışırdı. Bu xanımlar, menşevik və eser rəhbərlərinə sədaqətli bir istiqbal müjdəsini verirdi. Hələ bu qapıdan çıxacaq Raya xanım da, ingilis miralayı Tiq-Çonsona nişanlandığı üçün menşevik və eser rəhbərlərinə daha böyük ümidlər verirdi. Bu intizar, ingilislərə daha yaxın sayılan və ingilisləri Bakıya dəvət üçün bir neçə dəfə Həmədan, Rəşt və Ənzəli şəhərlərinə səfər edən erməni milli soveti üzvü, «cənab» doktor Araratyan gəlincəyə qədər davam etdi. Rəhbərlər o qədər də darıxmırdı. Çünki fikir qarışıqlığı bir tərəfdən, xanımların ziyarətindən gözlənən istiqbal nəşələri digər tərəfdən intizarın ağırlığını unutdururdu. Hər kəs xanımlara necə yanaşacağını düşünür, fikrindəkini əlində, qədəmlərində, gözlərində və çöhrəsində nümayiş etdirirdi. «Metropol»un balkonu, böyük bir teatrda pərdə dalısındakı vəziyyəti andırırdı. Bu siyasi aktyorlar sanki rollarına hazırlaşırdılar. Araratyanın qızı Ester xanım gələn kimi intizar yox oldu. Vəziyyət dəyişdi, Esterin brilyant üzüklü barmağı xanımların qapısındakı çıngırağa toxunduqda balkondakıların qəlbi də çırpınmağa başladı. Bir azdan sonra xanımların qapısından bir qadın başı göründü, «rəhbərlər» isə qapıda birinci sıranı işğal etmək üçün biri digərini itələyib irəli yüyürdü, ağ yaxalı boyunlar qeyri-təbii olaraq qapıya tərəf uzandı və yenə də geriyə çəkildi, çünki qapıda görünən qadın, intizarı çəkilən xanımlardan deyil, xidmətçi qadınlardan biri idi. Xidmətçi qadın Ester xanımı içəri buraxdıqdan sonra qapını yenə qapadı. Balkondakı intizar davam edirdi. Lakin indi söhbətlər pıçıltı şəklindən çıxaraq, adi bir hal almışdı. Söhbətlərin məzmunu da dəyişdi. Balkondakılardan biri: – Heç şübhə yoxdur ki, – dedi, – onlar Bakıya gələcəklər. Gəlmək xəyalları olmasaydı, öz ailələrini buraya göndərməzdilər. Araratyan bunu təsdiq etdi: – Mən ingilisləri elə bil ki, bu saat Bakıda görürəm. General mənə «sən öləsən» deyibdir. Mən onun dostluğuna da inanıram. O, mədəni və alicənab bir zatdır. O, əbəs yerə mənə and içməz. Ayollo: – Belədir ki, var, – dedi, – ingilis şərəfinə şübhə etməyin özü şərəfsizlikdir. Hərgah ingilis generalı bir dəfə «gələcəyik» demişsə, ona inanmamağa haqqımız nədir. İndi biz xanımların ruhunu oxşamağa, özümüzü bolşeviklərə nisbətən mədəni tanıtmağa çalışmalıyıq. Onları hazırkı mühitlə lazımi qədər tanış etməliyik və göstərməliyik ki, kütlə bizim tərəfimizdədir. Bütün bu işlər, ingilislərin Bakıya gəlməsini yaxınlaşdırar. Bu sözdən sonra Velonts: – Belədir ki, var! – dedi. – Bolşeviklərin nüfuzdan düşdüyünü, hazırkı hökumətin süqut ərəfəsində durduğunu, Bakı işçilərinin bizim tərəfimizdə olduğunu gənc xanımlara bildirməli, bunu da həyatda isbata çalışmalıyıq. Biz onların ruhunu oxşamağa müvəffəq olduqda, onlar da Ənzəliyə müsbət məzmunlu məktublar göndərərlər. Möhtərəm xanımlar istəsə, onlar ingilislərin Bakıya gəlmək maraqlarını daha da artıq alovlandıra bilərlər. Velonts sözünü bitirdikdə, İvanov heç kəsə macal verməyərək: – Biz, xanımlara bildirməliyik ki, hərbi donanma mədəni və qüvvətli bir hökumət tələb edir, – dedi. Xanımların qapısı ikinci dəfə açılarkən həyəcan təzələndi, yenə söhbətlər dəyişdi. Xidmətçi qadın başını qapıdan dışarı uzadıb: – Xanımlar ağaların beş dəqiqə gözləmələrini rica etdi, – dedikdə sanki bu səs, saatlardan bəri intizar çəkməkdə olan rəhbərlərə özlərinin ingilislər himayəsi altında qurmaq istədikləri hökumətin deklarasiyasını oxudu. İndi, artıq rəhbərlərin hərəsi bir cür vəziyyət almağa başlamışdı. Sadovski bığ fırçasını jiletinin cibindən çıxarıb bığında cərgəsindən ayrılıb nizamsız duran tükləri sahmana salırdı. Elçiyan qoltuq cibindən «iynə qabı» şəklində uzun bir ətir çıxarıb bığlarını və əllərini ətirlədi. Ayollo nə iş üçün isə dalan tərəfə yüyürürdü. İvanov isə üstünə qonmuş tozu çırtmıx ilə vurub təmizləyirdi. Ümumiyyətlə, balkonda duranlar saatı gözdən keçirməkdə və beş dəqiqəlik müddətin bitib-bitmədiyini yoxlamaqda idilər. Qapı açıldı, ağ ipəklərə bürünmüş xanımlar otaqlardan dışarı çıxdı. Britaniya imperializminin ağ yaxalı və qara məqsədli lakeyləri «Metropol»un həqiqi lakeylərinə macal vermədən başlarını əyib xanımları salamladılar. Doktor Araratyan ingilisləri Bakıya dəvət işində birinci rol oynadığı, hətta xanımlarla yol yoldaşlığında olduğundan onlara lələ olmaq vəzifəsini də öhdəsinə alaraq, əvvəlcə: – Qızlarımın kefi necədir? – deyə yaltaqlandı. Sadovski Leyla xanımın, İvanov Rayanın qoluna girdi. Hamazasb hazır olmadığından miralay Avetisov onun nişanlısı Esterin qolundan tutaraq salona doğru irəliləməyə başladılar. Ayollo dəstədən ayrıldı və salondakılara xanımların gəlməsini xəbər vermək üçün yüyürdü. Xanımlar salona daxil olarkən Slavinskinin rəhbərliyi altında simfonik orkestr Britaniya marşını çalmağa başladı. Ziyafətin yemək işlərini Bakı burjuaziyasından olan, «restoran kralı» ləqəbini almış İvan İvaniç idarə edirdi. Hər kəs ayaq üstə durmuşdu, çünki xanımlar salonu və salondakıları gözdən keçirdiyi üçün nə özləri oturur, nə də «ağalar»a oturmaq icazəsi verirdi. Stolların bir tərəfində İvan İvaniçin lakeyləri, digər tərəfində isə ingilis kralı beşinci Georginin səmimi və sadiq lakeyləri durmuşdular. Milli marş bitdi, doktor Araratyan irəli keçərək, əvvəlcə xanımları ölkənin silah daşıyan «rəhbərləri» ilə tanış etdi və: – Bu cənab, baş komandan Dukaçiyevdir, – dedi, – çar ordusunun məşhur generallarından və vaxtı ilə Tarabzon üzərinə yürüş etmiş çar ordusunun cəsarətli komandanlarından birisidir. Bu cənab, miralay Arutyunovdur, bu isə Qazarov, bu da sizin körpüdə tanış olduğunuz, ərkani-hərb miralayı və hazırdakı cəbhə komandanı Avetisov cənablarıdır. Təqdim rəsmi bitdikdən sonra, vizitqalar və çerkeskaların dal ətəkləri birdən-birə hərəkətə başladı. Yemək vaxtı idi. Leyla xanım, Sadovski və Ester bir stolda, İvanov, Raya xanım, Melik-Elçiyan və Ayollo isə digər bir stol başında yerləşdilər. Yemək başlandı, Bakı işçilərini süni surətdə aclığa tutan menşevik, eser və daşnaq rəhbərləri stollar üzərində qoyulmuş «halal» və körpə heyvanların vücuduna daraşdılar. Onlar quzu budlarını dişlərinə çəkdikdə, yalan vədlərə qurban olan və bu vədlər nəticəsində öz sinfindən, Bakı proletarlarından ayrılan Nobel müəssisələri işçilərinin aclığını heç də xatırlamırdılar. Stol üzərinə qonmuş qanadlı heyvanların cəmdəyini Slavinskinin simfoniyası tərənnümləri ilə didməyə başlayan rəhbərlərin bir gözü Leyla, bir gözü də Raya və Esterdə idi. Xəyal aləmində qələbələr çalmaqda olan silahlı və eyni zamanda ikiüzlü «rəhbərlər» cəbhələrdə qalibiyyət üçün vuruşan Qızıl Ordunun vəziyyətini tamamilə unutmuşdular. Onlar cücələrə, quzulara hücum etdikləri anda, Qızıl Ordu da Ağçaqabul cəbhəsini yarmaq istəyən türk-alman ordusu ilə ölüm-dirim mübarizəsi aparırdı. Lakin bu eser, daşnaq və menşevik rəhbərləri nə qədər toxdularsa, oradakılar bir o qədər ac idilər. Toxluğundan çətin nəfəs alan general Dukaçiyevin cəbhədəki əskərləri bir ovuc fındıqla kifayətlənir, bəzən onu da tapa bilmirdilər. Hər şey unudulmuşdu, unudulmayan bir şey vardısa, o da Bakı kommunasına xəyanət və zahirdə Britaniya imperializminin nümayəndələri sayılan iki gözəl qıza olan meyl və məhəbbətdən ibarətdi. Silahlı və silahsız «rəhbərlər» gözünü Leylanın qara gözlərindən çəkərək Rayanın mavi gözlərinə dikməkdə və bütün gələcəyini iki göz bəbəklərinin əsrənkiz hərəkətində oxumaqda idi. Sanki menşevik, daşnaq və eser rəhbərlərinin gələcəyi erməni milli soveti üzvü doktor Araratyanın Ənzəlidən qonaq gətirdiyi bu iki qızın pənbə yanaqlarında qərar tutmuşdu ki, rəhbərlər bir an da olsa gözünü oradan götürə bilmirdilər. «Metropol» salonunda oturanların siması, əgidə, vəzifə və çöhrələri müxtəlif olsa da, Sovet hökumətinə qarşı düzəltdikləri xəyanətdə vahid cəbhədə çalışırdılar. Onların danışıqları da, məzmun və mündərəcə etibarı ilə bir-birinin eyni idi. Biri dediyini o birisi təsdiq edir, üçüncüsünün inkar etdiyi bir həqiqətin üzərinə dördüncüsü pərdə çəkməyə çalışırdı. Sadovski ağ dəsmal ilə dodaqlarının yağını silərək, Leyla xanıma baxdı, dişlərini ağardaraq dedi: – Şəhərimiz olduqca zənkin bir şəhərdir. Lakin üsuli-idarəsi biz deyən deyil! Sadovski özünə məxsus iftiraçı dilini açaraq bir neçə ay bundan əvvəl Bakıda daşnaq və müsavat partiyalarının əksinqilabi fəaliyyəti nəticəsində törənən qırğın haqqında danışdı. O, bütün başqa yoldaşları kimi böhtan, hiylə və yalan söhbətlərini davam etdirərək, Bakıya yeni gəlmiş qonaqları da aldatmaq istədi. Leyla xanım Sadovskiyə belə bir sual verdi: – Neft sənayesinin milliləşdirmək istənildiyi doğrudurmu? Sadovski bir ah çəkərək, qaşlarını çatdı və təəssüfedici bir surətdə cavab verdi: – Bəli, belə bir məsələ vardır, bununla da bolşeviklər dünyaları işıqlandıran neft sənayesini bərbad etmək istəyirlər. Hərgah bu hökumət bir il yaşarsa, mən sizə dünyanın altıda bir hissəsindən ibarət böyük bir xarabalıq verə bilərəm. Leyla bu sözdə: – Təəssüflər olsun! – dedi. Velonts qabağında olan cücənin qabırğasından nazik ətləri gümüş çəngəlin ucu ilə təmizlədi və sümüyünü soruub, nimçəyə atdıqdan sonra ağzındakı tikəni uda-uda dedi: – Bəlanın böyüyü budur ki, məhəlli zənkinlərdən təzminat alırlar. Leyla onları əmin etmək üçün dedi: – Nefti milliləşdirmək məsələsini mən hələ Ənzəlidə eşitmişdim. Mən bunu eşidən zaman özüm-özümə: «Hərgah bolşeviklərin bütün təşəbbüsləri neft sənayesini milliləşdirmək arzuları kimidirsə, onlar heç bir işdə qalib çıxa bilməyəcəkdir» – dedim, çünki neft, yerli burjuaziyanın deyildir. Doxsan beş faizi əcnəbi malı olan nefti bolşeviklər heç bir zaman milliləşdirməyi bacarmazlar. Qərb kapitalistləri buna yol verməz! İvanov oturduğu stulunu Rayanın yaxınına sürüşdürmüşdü, onlar başqalarının eşidə bilməyəcəyi qədər yavaşdan söhbət edirdilər. İvanov: – Özləri bacarmır, bizləri də hökumətin idarəsinə buraxmırlar, – dedi, – onlar menşevik və eserlərin hökuməti idarə etmək işlərindəki qüvvəsini inkar edirlər. İvanovla Raya bu mövzu üzərində durduqları zaman Sadovski də Leyla xanımın qara gözlərini nişan alaraq deyirdi: – Dörd ildən bəridir ki, müttəfiqlərlə olan əlaqəmiz kəsilmişdi, gözəl xanımların şəhərimizə qonaq gəlməsi, qırılmış əlaqənin düzəlməsinə imkan verir. Bu təşriflə biz ümid edirik ki, dörd il boyunca silah arqadaşlığında olduğumuz mədəni müttəfiqlərlə birlikdə ümumi düşmənə qarşı mübarizə aparacağıq. Biz bununla da alman-türk ordusunu Zaqafqaziyadan qovar və Brest-Litovsk müqaviləsini rədd edə bilərik. Leyla: – Belədir, – dedi, – ancaq bizimkilər, yəni cənab Bahadır xan və cənab general öz ərkani-hərbilə Bakıya gəldikdən sonra biz ümumi iş və ümumi mübarizə haqqında danışa biləcəyik. İvanov hələ Raya ilə başladığı mövzusunu bitirməmişdi ki, Rayanın əli artıq onun əlində idi. İvanov onun ağ və ətli barmaqlarını sayaraq deyirdi: – Vəd vermək bir gün olar, iki gün olar, üç gün, dörd gün, beş gün ola bilər, axırda işçi deyər ki, «vəd ilə qarın doymaz, buyur, hökuməti təslim et, bacarmırsansa, məmləkəti idarə etmək üçün cənab İvanovlar vardır». İvanov bu söhbətləri ilə özünü gözəl qıza təqdim edir və gözlərindən qürur və kübarlığa məxsus dərin bir düşüncənin dalğaları yağırdı. Raya əlini onun əlindən çəkdiyi vaxt, İvanov bunu rədd əlaməti hesab etmədi, çünki Raya qarşısına qoyulan qəhvəni içməyə hazırlaşırdı... «Metropol» salonunda daha bir yenilik hiss olundu. Hamazasb cəbhədən gəldi. O da, başqa qoşun rəhbərləri kimi öz adətini pozmamışdı, bir az təxirlə də olsa, şam yeməyi üçün «Metropol»a gələ bilmişdi. O, general Dukaçiyevin stolunun yanında duraraq, əskəri nizam almaqla raport verdi və dedi: – Dünəndən bəri başlanan türk-alman hücumu indiyə qədər davam edir, hər iki tərəfdən verilən böyük tələfata baxmayaraq, inadlı hücumlar sakit olmamışdır, ikinci xətə çəkilmək lazım gələcəkdir. Bu xəbər, simfonik orkestrin səsinə təsir yetirə bilmədiyi kimi şirin və dadlı xörəklərin ləzzətini də azalda bilmədi. Bolşevik Bakısını təhdid edən bu xəbər, «Metropol» salonunda düzəlmiş menşevik, eser və daşnaq qərargahının nəşəli vəziyyətini heç də dəyişmədi, çünki bolşevizm əleyhinə başlanmış məfkurəvi söhbətlərə, gözəl qızlara qarşı oyanmış şəhvət duyğuları da yardım edirdi. Mavi və qara gözlərə verilən diqqət, ingilis zabitləri xanımlarına qarşı coşan məhəbbətlər, «Metropol» salonunda oturanların Bakı müdafiəsinə qarşı qeydsizliyini söyləyirdi. İvanov xörəkdən bir tikə ağzına alaraq, Rayanı danışdırırdı: – Möhtərəm və gözəl bir xanımın hüzurunda olmaq nə qədər böyük bir səadət imiş. Doğrudan da mən bir çox şeyləri unutdum. Raya gülümsəyərək dedi: – Mən də özümü xoşbəxt hesab edirəm, çünki mən böyük bir ölkəni idarə etmək səlahiyyətinə malik olan, sevimli bir zat ilə üz-üzə oturmuşam. İvanov heç utanmadan: – Bilirsinizmi? Sizin söhbətlərinizi dinləmək və sizin üzünüzə baxmağın nə qədər şirin və nə qədər dadlı olduğunu hiss etmiş olsaydınız, şübhəsiz ki, özünüz-özünüzü sevmiş olardınız, – dedikdə, Raya onun həm şərab, həm də şəhvət təsiri nəticəsində danışdığını hiss etməmiş deyildi. Buna görə də bir sərxoşun söhbətindəki istiqaməti pozmamaq üçün: – Madam ki, qadını başqalarının sevməsi mümkündür, o halda qadının özü-özünü sevməsinin nə mənası vardır, – dedi. İvanov bir qədər şərab doldurdu və: – Bizim nə qədər mədəni olduğumuzu, qadınlara qarşı nə qədər mədəni sevgi əlaqəsi yarada biləcəyimizi ancaq bizimlə bir neçə gün vaxt keçirdikdən sonra təyin edə biləcəksiniz, – dedikdə, Raya başı ilə təsdiq işarəsi verdi: – Mən bu gün sizin nə qədər alicənab bir zat olduğunuzu bildim. Hansı partiyaya mənsub olduğunuzu soruşmadan belə, sizin gözəl təbiətinizi sevməyə məcbur oldum. Sizdə hökumət idarəçiliyi və qanunvericiliyinə bacarıq xüsusiyyəti olduğunu, bir çox kişilərin içində nadir sima sayıldığınızı təyin etməmiş deyiləm. İvanov: – Məni öyrənmək və mənim dahilik xüsusiyyətlərimi təyin etmək üçün uzun bir müddət lazımdır. Mən fövqəladə bir hissə, xariqüladə düşüncəyə, təbiətin fövqündə duran idraka, indiyə qədər bəşər tarixinin nişan verə bilmədiyi qəlb qüvvətinə malikəm. Mən özüm tək deyiləm, bəlkə bu xüsusiyyəti daşıyan bir çoxları da vardır. Lakin bəzən mühit şərait yaratmadığı üçün ali və yüksək simaları seçmək mümkün olmur, onlar öz duhalarını bəşəriyyətə təqdim edə bilmirlər. Hərgah biz Böyük Britaniyanın himayəsini əldə edə bilsək, o vaxt mənim dünyagörüşümü, əqidəmi öyrənmiş olacaqsınız. Bağışlayın, mənim bir qüsurum vardır ki, o da az danışmaqdır, buna görə də başınızı ağrıtmaq istəmirəm, hər halda Böyük Britaniya miralayının nişanlısı ilə şam süfrəsinə oturmaq şərəfi, bütün şərəflərdən yüksəkdir. İndi artıq nə Leylanın Sadovski ilə, nə də Rayanın İvanovla olan söhbətləri eşidilmirdi. Cəbhədən gələn tabur komandanı Hamazasb süfrəyə oturduğu zaman, birinci növbədə öz nişanlısı Esterin yerini dəyişmək istədi, onu sol tərəfindəki stuldan qaldırıb sağ tərəfdə əyləşdirdi, belə olduqda, Ester həm Hamazasbın özünə yaxın olur, həm də onu sevən ikinci bir adamla, yəni alay komandanı Avetisovla göz-gözə oturmaqdan məhrum olurdu. Hamazasb Esterə yaxınlaşdıqdan sonra adəti üzrə dedi: – O güldən birisini çıxarıb öz əlinlə yaxama sanc! Ester stol üzərinə qoyulmuş külqabından bir gül götürüb Hamazasbın yaxasına taxmaq istərkən, Avetisov buna acıqlanaraq, yerindən qalxdı, bununla da Leyla, Sadovski, İvanov, Raya və başqaları şam süfrəsindən qalxaraq gəzişməyə başladılar. Bu hadisə Esteri çıxılmaz bir vəziyyətdə qoydu, çünki Hamazasb stol başından qalxmamışdı, buna görə də Ester onun yanından qalxmağı və qızlara qoşulmağı bacarmırdı, nəhayət Hamazasb bunu hiss edərək, stoldan yarımçıq qalxdı və Esterin qolundan tutaraq, salonu gəzişməyə başladı. Nə İvanov Rayanın, nə də Sadovski ilə Hamazasb Leyla ilə Esterin qolunu buraxırdı. Söhbətlər yekrəng, yeknəsəq və yekməzmun idi; kəlmələrin hər birində xanımlara hörmət, bolşeviklərə nifrət mənası vardı. Bir çox qəzet, jurnal gətirdilər. Hər kəs bir qəzet və bir jurnal götürüb oxumağa başladı, Raya dəxi, «Bakinski raboçi» qəzetini götürdükdə: – Çoxdan bəridir ki, rusca qəzetlərə təsadüf etməmişəm, – deyərək, açıb oxumaq istədi, İvanov isə ona bir neçə qəzet göstərərək dedi: – «Bakinski raboçi» sizi maraqlandıracaq bir qəzet deyildir, oxumağına dəyməz. Geniş kütlələrinin yox, müəyyən bir qrupun orqanıdır. Onun məqsədi bizim kimi həqiqi sosialistlərə qarşı böhtan və iftira düzəltməkdən ibarətdir. Öz orqanlarımız vardır. Oxuyunuz, mədəni insanların fikrini səfərbər edən nəşriyyatımız Bakı işçilərinin əksəriyyəti tərəfindən təqdir olunur. Bu sözlərdən sonra İvanov «Kaspi» qəzetinin bir nüsxəsini Raya xanıma uzadaraq: – Heç olmazsa bu qəzeti oxuyunuz, – dedi. – Zənkin bir qəzetdir, özü də biqərəz və bitərəf qəzetdir. Raya əlindəki «Bakinski raboçi» qəzetini göstərərək soruşdu: – Bu qəzet bolşevik orqanı deyildirmi? – Bəli, xalis bolşevik orqanıdır, maraqlı bir şey deyildir. – O halda nə üçün oxumamaq? Baxaq, bolşeviklər mədəni aləm haqqında nə kimi böhtanlar toxuyurlar. Görək onlar mədəni menşeviklər və alicənab eserlər, fəal daşnaqlar barəsində nə kimi uydurmalar yazırlar? Raya bunu deyərək, qəzeti oxumağa başladı. «Aclığın sümük əlləri və qara təbliğatı Bakı proletariatı ağır ərzaq böhranı keçirməkdədir; işçi acdır, aclıq isə çox pis bir məsləhətçidir. Qara ünsürlər bu vəziyyətdən istifadə edərək, geniş, ac və həyəcanlı işçi kütlələri içərisində ən fitnəkar şüarlar buraxmaqla, onları özlərinin – işçilərin – seçdikləri təşkilatın, Sovet hökumətinin əleyhinə qaldırmağa çalışırlar. Bu xəyanət işini başlıca olaraq menşeviklər irəli aparmaqdadır. Şüurlu işçilərin çox gözəlcəsinə tanıdığı Ayollo, Sadovski kimi ağalar və onların dalınca sürünən sabiq inqilabçı Atabekov işçi rayonlarına gedib ən fitnəkar və cinayətkar nitqlər söyləyirlər. Vaxtilə məşhur milyoner Krestovnikov Moskvada aclığın sümük əli ilə inqilabı, işçi və kəndliləri boğmağa çalışırdı. Burjuaziyanın lakeyləri Bakıda aclığın müdhiş əllərini Sovet hökumətinin əleyhinə qaldırmaq vaxtı yetişdiyini hiss etdi. Menşeviklər, ac və yorğun işçilərə deyirlər ki, «bolşeviklər sizə çörək vəd edirsə də öz vədlərinə əməl etmirlər. Onlar vətəndaş müharibəsi düzəltməklə işçilərin qanını axıdırlar. İnsan bundan da artıq və həyasız bir təbliğat təsəvvür edə bilərmi?! Bizim Bakı şəraitində bir nəfər də olsun belə bir əksinqilabi fitnəkar şüar düşünə bilərdimi?! Onlar həmişə çörəkdən danışdıqları vaxt aç işçiləri sovet ərzaq təşkilatlarının əleyhinə qaldırırlar. Ərzaq işləri düşmənlərimiz əlində olduğu vaxt, iclaslarda bizdən bir nəfər də kütləni onların üzərinə qaldırmağa çalışmadı. Əksinə, biz onları çiddi surətdə müdafiə edirdik və məsuliyyətlərini öz öhdəmizə alırdıq. Halbuki, onlar bu səlahiyyəti qazanmamışdılar. Hazırda, Sovetlər höküməti taxıl əldə etməkdən ötrü əlindən gələni əsirkəmədiyi və bu hamıya məlum olduğu bir zamanda, Qızıl Ordu taxıl yollarını açmaq üçün çarpışdığı bir halda, həyasız və vicdansız fitnəkarlar xalqı Sovet hökumətinin əleyhinə qaldırmağa çalışırlar. O biri tərəfdən də bolşeviklərin vətəndaş müharibəsi düzəltməkdə guya müqəssir olduğunu deyib qışqırırlar. Hər bir işçi burada vətəndaş müharibəsinin kimlər tərəfindən düzəldildiyini və necə başlandığını çox yaxşı bilir. Sovet höküməti vaxtilə müsavatçılar tərəfindən düzəldilmiş silahlı qüvvənin əleyhinə çıxdı. Lakin hər kəsə aydındır ki, biz Diki diviziyanın qarşısına çıxmasaydıq, on dəfə artıq qan töküləcəkdi, zavodlar, fabriklər tamamilə yanacaqdı. Bakı, Azərbaycan xan-bəylərinin paytaxtı kəsiləcəkdi. Fitnəkarlar aç xalqı Sovet höküməti əleyhinə qaldırmaq və onların əksinqilab əleyhinə olan inqilabi mübarizəsini rüsvay etməklə kifayətlənməyərək, erməni-rus xalqı arasında da milli ədavət toxumları səpməyə başlamışlar. Sovet höküməti əleyhinə mübarizə aparmaq üçün bundan da həyasız, bundan da cinayətkar bir xətt-hərəkət təsəvvür etmək olurmu? Müsəlman əksinqilabçıları olan Ağabala Quliyevlər, Abdullayevlər və sairləri də belə düşünərək, Qudzinski imamını və Gəncə quldurlarını Bakının əleyhinə çağırırlar. Biz bilirik ki, Bakıdakı Sovet hökumətini boğmaq üçün Ayollo və cənab Sadovski çalışır. Lakin onlar öz arzularına nail ola bilməyəcəklər, hətta onlar müvəqqəti də olsa, öz menşevik partiyalarının iflasa varmış kursunu qaldırmağı belə bacarmayacaqlar. Taxıl böhranı tezliklə rəf ediləcəkdir. Biz ümid edirik ki, Qızıl Ordunun fədakarlığı, Şimali Qafqaz, Həştərxan, Saritsın sovet təşkilatlarının yardımı və eyni zamanda işçilərin səy və təlaşı sayəsində Bakıya taxıl gətiriləcəkdir». Raya qəzetdə Bakıya taxıl çatdırmaq üçün Şimali Qafqazda Qızıl Ordunun ağ generallara qarşı mübarizəsindən bəhs edən sütunları oxuduqda Sadovski və Ayollo hər ikisi birdən: – Çox gecdir! – dedilər və bununla da Raya qəzeti əlindən buraxaraq: – Nə qədər dəhşətli bir hücum! – dedi. Sadovski: – Bunların səhvi də burasındadır ki, cənubdan gözlənən yardımı şimaldan gözləməkdədirlər. Artıq şimal yoxdur. Onun yerinə çəbhələr, vuruşlar, hərç-mərçliklər, qarətlər, talanlar, acından ölənlər və sairə vardır. İngilislər isə qulağımızın dibində, hətta bir neçə saatlıq yoldadırlar. Gecə saat ikidə general Dukaçiyevə gələn təçili telegram «Metropol» salonunun ahəngini hiss edilməyəcək surətdə pozdu. Zabitlər hamısı ayağa qalxdı, xanımlarla vidalaşma başlandı. Dukaçiyev Rayanın əlini sıxaraq: – Allah bəlasını vermiş düşmən çəbhəni yarmışdır. Getməliyik, sabah burada yenə görüşərik, – dedi. Hamazasb qalxıb Esterin əllərindən tutaraq: – Gedirəm, – dedi, – səni düşünmək, sənin sevgi nəşələrinlə əylənmək mənim qələbəmi təmin edir. Ah, Ester can, kaş sən də mən düşündüklərimi düşünəydin, onda hər ikimiz xoşbəxt olardıq. Ester durub ancaq öz ayaqlarına baxırdı. Hamazasb isə onun əlinə hərəkət verərək: – Mənim ruhum, səndən bir söz eşitmək istəyirəm, – dedikdə, Ester yavaşdan dedi: – Hər şey gələcəkdən asılıdır. Esterin bu sözündən sonra Hamazasb onun əlini buraxdı və dönüb getmək istədikdə, heç kəsin eşidə bilməyəcəyi bir surətdə yavaşdan mızıldandı. Onun sözləri eşidilməsə də, çöhrəsində yavaşdan dedikləri aydın oxunurdu: – Ah! Məchul, qorxulu və ümidsiz gələcək! Hamazasbın son sözləri bu oldu. Sadovski ilə İvanov xanımları öz otaqlarına müşayiət edərkən, ərkani-hərb miralayı Avetisov telefonla Bakı dəmiryol stansiyası rəisinə deyirdi: – Cənab generalın xüsusi qatarını birinci xəttə veriniz! * * * III. Fabrik-zavod rayonuna İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar. Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər. Sadovski və Ayollo aldanmış, menşevik çirkabına düşmüş idraksız işçiləri, ancaq Nobel qardaşlarına məxsus müəssisələrdə araya bilərdi, çünki müvəqqəti aclıq təsiri altında menşeviklərin təbliğatına qapılan və Bakı Sovetinin təhlükə qarşısında qoyaraq, menşevik qərarkahına keçən ancaq Nobel işçilərinin bir qismi idi. Xanımların səyahət marşrutu düzəldilmişdi: onlar faytonlarla Balaxanı—Sabunçu rayonlarındakı neft mədənlərinə tamaşa etdikdən sonra fabrik-zavod rayonuna gedəcəkdilər. Gündüz saat on birdə «Metropol» otelinin qarşısında şəhərin birinci sayılan faytonları durmuşdu. «Metropol» otelinə girib-çıxanlar hər günkündən çox idi. Hələ Nikolayevski və Olkinski küçələrinin tinlərində yığışan əhalinin çoxluğu da, burada fövqəladə və maraqlı bir hadisənin baş verəcəyini göstərirdi. Yenilik sevən və hər bir xırda işə böyük əhəmiyyət verən Bakı xalqı, yuxarı küçələrdən sel kimi axaraq «Metropol» ətrafına gəlirdi. Son günlər maraqlı və gözlənilməz hadisələrə alışmış geniş kütlələr, sanki hadisəsiz yaşaya bilməyəcəklərindən, bütün şəhəri gəzib yeni xəbər aramaqda idi. Hadisələr nə kimi məna və mündərəcəyə malik olursa-olsun, Bakı xalqının hər bir nəfəri, eyni hadisəni öz səviyyəsinə və mənafeyinə uyğun bir mənada göstərməyə çalışırdı. Müxtəlif hadisələr, müxtəlif partiyalar və rəngbərəng əqidələr şəhərinə çevrilmiş Bakı öz həyatını sükutla keçirməmək, əylənmək üçün sanki partiya mübarizəsindən doğa biləcək hadisələrin intizarını çəkir və buna qarşı bir ehtiyac hiss edirdi. Bunun üçündür ki, «Metropol» otelinin qarşısında duran faytonların təzəliyi və çoxluğundan da bir hadisə olacağını duyurdular. Hər kəs bir cür söz danışır, faytonlar hər kəsə bir cür görünür, bu hadisə hər kəsin zehnində bir cür təsir buraxırdı, çünki menşevik, eser, daşnaq, müsavat, əhrar, ittihad-islam təbliğatı içərisində çapalayan xalqın zehnində böyük bir ixtilaf törəmişdi. Bolşevik təşkilatlarının aralığa atdığı həqiqətə qarşı qoyulan minlərcə hiylə, haqsızlıq, uydurmalar, Bakı xalqına mənfi bir təsir bağışlamışdı. Kütlələrin birliyi pozulmuş, onlar müxtəlif əqidələr və mənfi qruplara bölünmüş, daha açığı hər kəs ağzını bir tərəfə çevirərək, məchul bir istiqbala doğru gedirdi. Müəyyən bir əqidə və məfkurə ətrafına toplanmaq istedadına malik olmayan kütlələr gündəlik siyasi hadisələri öz şəxsi mənfəətlərinə uyğun bir rəngə salmağa çalışırdı. Yenilik ümidi verən «Metropol» ətrafına toplananların əksəriyyətini biri digərinə qarşı qoyulan əqidələrin təşviqatçıları təşkil edirdi. «Metropol»un qarşısında, Bakı milyonçusundan başlayaraq, Bakı dilənçisinə qədər hər tipdə adam görmək mümkün idi. Biri digərini görmək istəməyən sinif və təbəqələrin nümayəndələri, ancaq burada biri digərini görür, burada da birləşirdi. Hələ əl ticarəti ilə məşğul olanlar otelin qarşısındakı faytonların ətrafında sanki səfərbər edilmişdilər. Müxtəlif simalardan müxtəlif səslər və çürbəçür əqidə nümayəndələrindən siyasi söhbətlər, müxtəlif şey satanlardan isə çürbəçür tərif və qiymətlər eşitmək mümkün idi. Ancaq bu səslər nə cür və nə kimi şivə ifadə edirsə-etsin, insan bunları eşidərkən belə bir qərara gəlirdi: «Bakı bahalıqdır, Bakı ziddiyyətlər şəhəridir». Bu səslər, Bakı proletariatının qurduğu Sovet hökumətinin qarşısına çıxan düşmənlərin barışmaz olduğunu göstərirdi. Menşevik, eser və daşnaq partiyalarının yaratdığı aclığın və çətinliyin böyüklüyünü ən xırda şeylərin qiymətlərində də təyin etmək mümkün idi. – Jarnı fındıq! İyirmi dənəsi bir manat! – deyə səslənən uşağın yaxınında duran iki nəfər bir-birilə danışırdı: – Bu da bolşeviklərin bizə vəd etdiyi cənnət! İyirmi fındıq bir manat! İndi gəl alıb külfət saxla, görüm necə saxlayacaqsan? Bu sözə digəri cavab verdi: – Sevin, sevin! Naşükür olma, hələ bunu da tapmayacaqsan. Çünki fındıq ağacları gündə fındıq gətirmir. Bir gün o da qurtaracaqdır. – Onda bəs nə yeyəcəksən? – Rusiyada xalq yeyən şeylərdən. – Məsələn?! – İt, pişik. Hərgah kifayət etməzsə, oğul-uşağı da yeyə bilərsən. Söhbətə üçüncü biri girişdi: – Sözü gərək başda, ürəkdə bişirib danışasan, lakin siz sözünüzü mədənizdən çıxarırsınız. Bunun üçün də pis iy verir. Siz ya bolşevik düşməni, yainki boşboğazsınız. Bir halda ki, çörək gələn yolları sizin həmməsləkləriniz bağlamışdır, o zaman bolşeviklər sizin qarnınızı haradan doyursun? Bu söhbət birinci adamı əsəbiləşdirdi və o axırda danışana acıqlı bir sual verdi: – Balam, bizim həmməsləklərimiz kimdir?.. – Müsavatçılar, nemsələr, türklər və Şimali Qafqaz əksinqilabçıları! Çörək yollarını sizin öz yoldaşlarınız bağladıqları üçün, bolşevikləri tənqid etməyə heç haqqınız yoxdur. – Onlar nə üçün bizim yoldaşlarımız olur? – Sözlərinizdən bəllidir. Əvvəlkilər özü-özlərinə mırıldayaraq ötüb getdilər, ikinci bir səs eşidildi: – Şor qoğal! Birisi beş manat! Bu səs də təsirsiz qalmadı, yanında duran iki nəfər bir-birinə dönərək: – Birisi beş qəpik olan şor qoğalına indi beş manat ver də, baş saxla görüm necə saxlayacaqsan? Bir başqası: – Öz bəlanızdır, – dedi, – şikayət etməyə haqqınız yoxdur. Öz qurduğunuz hökumətdir – özü yıxılan ağlamaz. Hələ bu nədir ki? Nə özləri məmləkəti idarə etməyi bacarırlar, nə də iş bacaran adamları iş başına qoyurlar. Doğru deyirmişlər: bolşeviklər deyirdi ki, «biz həyatın şəklini dəyişəcəyik», buna xalq inanmırdı, buyurun! Bu da həyatın dəyişmiş şəkli! Başqa birisi darağını çıxarıb saqqalını daradı, burnunun deşiyindən görünən artıq tüklərdən bir neçəsini çəkərək asqırdı və dedi: – Qoy ingilislər gəlsin, hərgah bu gün onlar Bakıya gəlsə, sabah Bakı bazarında İran malının əlindən boş yer tapmayacaqsan. Düyüsündən düyü, ləpəsindən ləpə, xuşkbarından xuşkbar, yağından yağ, balından bal, nə qədər meylin çəkirsə, al. Amma indi bolşeviklərin bərəkətindən boşça dükana icarə verib oturmuşuq. Sən öləsən. Məşədi Qulamhüseyn, həftələrlə tərəzi tərpənmir. Dükançının sözlərinə qulaq asan başqa birisi: – Sizin bütün fikriniz dükanınızın yanındadır, – dedi, – lakin sizin dükanınız olmasa da, yaşamaq olar. Bu sözdən sonra iki səs birdən eşidildi: – Buyurun, yaşayın görüm! Çörək görəndə elə bil ki, möcüzə görürsünüz. – De görüm, məmləkətdə halal kəsb olmasa, alış-veriş olmasa, nə cür yaşamaq olar? De görüm! Nəyə durmusan? Bəs halal kəsb nədir? Bu söhbətə qarasaqqal, başında buxara dərisindən dəyirmi papaq olan, üzü qırmızı, dişlərini daim ağardan bir nəfər də qarışaraq, yavaşdan dedi: – Bu sözləri bir rus, bir erməni, bir yəhudi və ya bir moltanı desəydi, məni yandırmazdı. Amma bunu bir nəfər müsəlman deyir. Müsəlmanın bolşevik ağzına yaraşan bir söz danışmağı həqiqətdə də insanı naümid edir. Qara və yoğun bığlı, gədək boylu, gözləri trahoma xəstəliyinə tutulmuş başqa birisi onun sözünü təsdiq edərək: – Ağa düz buyurur, biz ağıllı olsaydıq, müsəlmanlar bu günə qalmazdı. Kənardan bir səs eşidildi: – Güc-bəla ilə Nikolayın əlindən qurtarmışıq, indi də padşahımız neft milyonçuları ilə Gəncə, Şamxor bəyləri olacaqdır, – dedikdə əvvəlki də ona cavabla: – Milli namusun yoxdur, – dedi, – insafın yoxdur, bax gör bu da bir həyatdırmı? Bu mövzuda gedən söhbətləri başqa birisi yarıda qoyaraq: – Bolşeviklər tamamilə başqa cür düşünür, – dedi, – burjuaziyanın yaratdığı sənət, mədəniyyət, ticarət tamamilə məhv edilməlidir, daha açığı: dünyanı ibtidai halına gətirmək lazımdır. Yüksək binalar dağıdılmalı, insanlar, əvvəldə olduğu kimi, yenə ağaclarda yuva salmalıdırlar, meymunlara qoşulub meşələrdə gəzməlidirlər. Çayların kənarında dördayaqlılar kimi oturmalıdır. Daş, ağac, bürünc dövrünə keçməlidir... Qadınlarla kişilər bərabərləşməlidir. Yəni qadınlar da kişilər kimi işləməlidir. Başqa mənada, yəni ki, bütün bəşəriyyət işçi şəklinə düşməlidir. Mətbəx işçiləri də, qab-qacaq yuyan qadınlar da dövləti idarə etməyi bacarmalıdırlar. Bunlar Leninin sözləridir. Bu sözlərdən rusiyalılar nə mənfəət götürübsə, qafqazlılar da elə mənfəət götürəcəkdir. Bu sözləri danışan bədənçə çürümüş, fikri qədər süquta varmış, qiyafə və libas cəhətcə gülünc bir vəziyyət almış, ifadə və nitqcə istehza obyekti olmuş bir menşevik təbliğatçısı idi. «Metropol» otelinin qapısında toplanıb bir hadisə intizarında duran adamların çoxu, insanlığın mənfi şəklini almış bu menşevik təbliğatçısının zühurunu da bir hadisə kimi sayaraq, başına toplanmışdı. Lakin o, bu toplanışı kütlənin menşevik təbliğatına qapılması kimi anladığından sevinir və özünə kütlə tərəfindən böyük hörmət bəsləndiyini zənn edirdi. O, tərz-ifadəsində fövqəladəlik göstərməyə və menşevik təbliğatını dərinləşdirməyə çalışırdı. Əlbəttə, bununla maraqlanmamaq və ona qulaq verməmək heç də qabil deyildi. Gözünə taxdığı eynəyinin bir şüşəsi ağ, bir şüşəsi qara, döşündən asılan iki qara qaytanın birisi eynəyini, o birisi də şlyapasını küləkdən saxlamaq üçün idi. Özünün dediyinə görə şlyapasının tarixi o qədər də uzun deyildi. O, hələ Qazan darülfünununda «qraf İlmanskinin» əli altında elmi-ilahi dərsi verdiyi və sosialist partiyasına yeni yazıldığı vaxt, bu şlyapanı almışdı. O zamandan bəri günəş, toz, qar, yağış və tər təsirindən bu şlyapa öz həqiqi rəng və şəklini itirmiş, hazırda küçə təbliğatçısının qırxılmış təpəsində çətinliklə durmaqda idi və ağ bir günbəzin təpəsinə düşən quru başmaq tayı şəklini almışdı. O, şlyapasını əlinə alaraq, sözə başladı: – Əqilsizlikdir, – dedi, – ac-ac məmləkətdə sosializm qurmaq, sabun köpüyü ilə ev tikmək kimi bir şeydir. Yanındakılar da onun qara vizitqasının yırtıq, qaralmış, çirklənmiş yaxasına baxıb gülür və ağ çəsunçədən tikilmiş və yuyulduqdan sonra ütülənməmiş qısa jiletinə tamaşa edirdi. O, əlini atıb şalvar cibindən dəsmalını çıxardıqda yanında duranlar geri çəkildilər. Çünki burunotu qoxusu yayan bu dəsmal, sanki işləndiyi gündən bir dəfə də yuyulmamışdı. Şalvarının qırılmış düymələri arasından çan köynəyi görünməkdə idi. O yenə sözə başladı: – Bizim kimi mədəni və təmiz insanları hökumətdən uzaqlaşdırmağın, hökuməti lüt və natəmiz adamların əlinə tapşırmağın özü də cəmiyyəti geri çəkmək deməkdir. Təbliğatçı tər tökürdü, o, açı bağırsaq kimi qırışmış yaxa bəndini qaldırıb alnını və burnunu silirdi. Fövqəladə qonaqların oteldən çıxması təbliğatçının qısa nitqini dayandırdı. Oteldən çıxan qızların üçü də ingilis zabitlərinə məxsus paltar geyinmişdi. Bunlardan birisi İngiltərə kralının fəxri yavəri və Hindistan, Dehli taxtının vəliəhdi şahzadə Bahadır xanın, digəri isə Bakıya gəlmək üçün Ənzəlidə hazırlıq aparan ingilis missiyası üzvlərindən Tiq-Çonsonun nişanlısı idi. Demək birincisi Leyla xanım, digəri isə Raya xanım idi. Üçüncü qız da erməni milli sovetinin üzvü, doktor Araratyanın qızı Ester xanımdı ki, bu da erməni taboru komandanı Hamazasbın sevikli nişanlısı idi. Qızlar otelin qarşısında durub danışdıqları vaxt faytonların ətrafında duranlar da mübahisəyə başlamışdı. Onlardan birisi: – Bu qız ingilis deyildir, – dedi, – bu ingilis qızı olsa, mən bığlarımı qırxdırarım, onun üz-gözündən müsəlmanlıq yağır. Bundan sonra bizə bərk qoymaq haramdır, millətinə, istiqlaliyyətinə xain çıxanlar, bizim partiyamızı bu hala qoymasaydı, bu gün cavan bir müsəlman qızı bir xaçpərəstin qoluna girə bilməzdi. Lakin bizi qoymadılar; öz xain müsəlmanlarımız bolşeviklərə qoşulub partiyamızı bədbəxt elədilər. «Müsavat» kimi namuslu və islamiyyətin sütunu hesab olunan bir partiyanı dağıtdılar, axırda iş gəlib bura yetişdi. Cavan müsəlman qızı açıq gəzməklə kifayətlənməyərək, bir xaçpərəstin qoltuğuna da girir. Yanında duranlardan birisi gülərək: – Bığını o tərəfə tut! Gözümüzü çıxartdı, – dedisə də o, yenə sözünə davam edir və istiqlaliyyət sözlərini tez-tez təkrar edirdi. Nəhayət digər birisi: – Səsini kəs! – dedi, – sizi gördük. Bir zibil deyilsiniz. Siz də köhnə nəğmələri çalırsınız. Siz də milyonçuların quyruğunda getdiniz, xalqı öz arxanıza salmaq istədiniz. Hər kəs danışsa da, siz danışmayın. Müsavat təbliğatçısı tez keçib getdi, onun sözlərini təsdiq edənlərdən birisi isə: – Cənab Abasqulu doğru buyurur, – deyərək, ətrafındakıları inandırmağa tələsdi. Bu sözlərə qarşı «doğrudur!» deyənlər vardısa, gülənlər və etiraz edənlər daha çox idi. Bunun haqqında da danışılır və onun kim olduğu haqqında suallar verilirdi. – Abasqulu Qazımzadə deyildirmi? – Özüdür ki, var. – Əcəba, bu, Bakıdan qaçmamışdımı? – Qaçmışdı, çünki fırıldaqları baş tutmamışdı. – İndi bəs nə üçün qayıtmış. – Çünki türk ordusu Bakıya yaxınlaşır. Başqa cür danışanlar da var idi. – Bolşeviklər bizdə kişilik qoymadı. Bir neçə ay bundan qabaqkı vaxtım olsaydı, uşaqlardan birisinə deyərdim: «adə, o qapıda duran qızların üçünü də bas faytona, düz-doğru apar Maştağaya!», ondan sonra soruşardım ki, deyin görüm siz kimin qızısınız?! Bu sözləri danışanlar Bakı milyonçularının quyruğu qocu Nəcəfqulu və Teymurbəy Aşurbəyov idi. Faytonların ətrafına toplaşıb gənc qızlara tamaşa edənlər arasında belə söhbətlər də eşidilirdi: – Olduqca gözəldir – kirpiklərinin hərəkətini görməsəydim, ağ mərmərdən tökülmüş bir heykəl olduğunu zənn edərdim. «Obraz» verə bilməyəcəyəm, çünki gözəllik bütün obrazların fövqündədir. Gözlər mavi, saçlar altun, dodaqlar marmalad, barmaqlar kanfet, bütün vücud bir incə sənət əsəridir. Sən hələ o qara saçlı qıza bax! Yanındakı: – Əlbət ki, baxaram, – dedi, – ona məmləkətin şanri də baxmasa, kimlər baxacaqdır? – İndi ki, baxırsan, bəs nəyə durmusan? – Əlhəmdülillah, özün də məşhur şairimizsən, bunu yalnız mən demirəm, bütün «Şəlalə» məcmuəsinin oxucuları da deyə bilər. Sən «Şəlalə» məcmuəsinin hər vərəqində gözə çarpırsan. Sənin şerlərinin hər misrası şərəfinə cənab Əhməd Kamal yüzlərcə qədəh qaldırmışdır. Sən o şərəfi axıra qədər davam etdirmək üçün o qara saçlı, qələm qaşlı və uca boylu qıza bir neçə şer yazmalısan. Şair əlini başının dazına çəkərək, ağzını yumdu, burnundan dərin bir nəfəs aldı, bir az dişlərini sordu, sonra gözlərini qıza bərəldərək: – Şer yazacağam, – dedi, – amma o şerlərdən yox. Sən öləsən, dayımın qəbri haqqı, təbim bu saat gəldi. O qara qaşlara gör nə obraz verəcəyəm. Bax, bax, bir dinlə! Şerə başlayıram. Ölmə sən, ey şair! Oxuyuram! Ey şair! Sən nə qədər həssas bir təbiətsən! Eşit! Eşit! «Gördüm incə bir qız, küçənin başında, Sanki tərsə dönmüş, bir cüt ay qaşında!» – Oldu ki? – Əlbəttə, oldu! – Bir də dinlə! Sən öləsən, özüm də bu şeri deyə biləcəyimə inanmıram. Bax, ilham da bunun özüdür də, insan heç xəyalına gətirmədiyi bir halda görürsən elə bir şey yaratdı ki, özü də inanmadı. Yox, mən heç vaxt özümü belə bilməzdim, bu dediyim əvvəl dediklərimə bənzəməz, çünki bu, tam mənasilə bir şer oldu. – Oldu, nə qədər nəfis şer, nə qədər bədii obraz! İnsan ancaq bu kimi parçaları oxuduğu zaman ağır və təhəmmül edilməz qəmlərini unuda bilir. Hərgah dünən Nardaran bağlarında yazdığım və partiyamıza ithaf etdiyim şerdən bir bənd sənə oxusam, biləcəksən ki, mənim özümün də səlis təbim vardır, mən ölüm, bir şerə bax! Amal-milliyəmizi təsvir edən bu sətrləri gərək mənim qəbir daşıma yazasınız. «Avarə qaldı, millətimiz rəhnuması yox. Qəmkəş rəisi, qeydə qalan pişvası yox. Bir dərdə saldılar bizi hərkiz dəvası yox. Tufani-iztiraba dönüb ruzigarımız». De görüm necədir? – deyə soruşduqda o birisi: – Milli şairimizsən də! – dedi. – Sən öləsən, şeri bağda yazıb Məhəmmədəmin cənablarına oxudum, ikimiz də ağladıq. O, özü də sən deyən sözü dedi və gələcəkdə mənə heykəl qoydurmağı vəd elədi. – Bununla bərabər sən də şairsən axı! – Əlbəttə, şairəm, qoy başqaları deməsin və məni də şair bilməsin, mənə, sənin fikrin lazımdır, şairi ancaq və ancaq şair tanıya bilər. Amma o qıza bir də bax. Bu məlahət özgə millətdə olmaz, bu yalnız islam gözəlinə məxsusdur. O birisi: – Doğrudur, – dedi, – amma o gilas gözlü qız haqqında da sükut etmək olmaz, o mənim şer ilahəmdir, ona gözəl bir şer yazacağam, yenə də kədərləri, qüssələri, bu kimi şerlərlə unutmaq olur. Onun yoldaşı: – Doğrudur! – dedi. – O kişi paltarı geymiş ala gözlü qızı görən hafizpəsənd bir şair, dinc dura bilərmi? – And olsun hacının qəbrinə, şerin mətləini başladım. – Nə tez? – Necə məkər tez? Sən bilmirsən, mənim təbim şollar suyu kimi axır? O birisi dedi: – Heyf olsun ki, bir vaxt sən bu millətin əlindən gedəcəksən. – Eybi yoxdur. Mən olmasam da mənim heykəlim Bakının məşhur küçələrinin birisində qoyulacaqdır, mənim heykəlim də istiqlal deyə bağıracaq. İndi şerə qulaq as. «Bu hala baxsam əyər məndə gör nə halət olur? O sərv qamətini görcəyin qiyamət olur». – Necədir? Xoşuna gəldimi? – Şerdir. Bədii həyəcan yaradan şerdir. – Hələ dalına qulaq ver! «Səfayi-gülşənə çıxma, bahara görsənmə! O gül cəmalı qızılgül görüb xəcalət olur». Şair şeri oxuduqdan sonra, ikinci şair bir ah çəkərək: – Bolşeviklər şerə də, bədii ədəbiyyata da qələm çəkdilər. Hərgah hökumət öz hökumətimiz olsaydı, sənin bu iki beytin haqqında ədəbi məcmuələrdə vərəqələr dolusu təqriz yazmazdılarmı? Kişi, bir sözə bax! Yəni necə «o sərv qamətini görməsəm qiyamət olur?» Əcəba, bu kəlmələri hər adam deyə bilərmi? Əbədən! Bu ilhamdır, bu bir fövqəladə və hiss edilməz qüvvətin məhsulu deyilmidir? Mən ölüm, bunları yazıb mənə ver! Bu şer milli ədəbiyyatımızın inkişafı üçün müəyyən bir çığır açır. Mən axtardığım yeni şer sənətinin ilk müjdəsini səndən aldım. Buna görə də mən özüm buna bir nəzirə yazacağam. Özünü də aparıb yuxarı məhəllə şairlərinə göstərəcəyəm və hər birinin bir nəzirə yazmasını rica edəcəyəm. İndiki zamanda biz milli ədəbiyyatımızı genişləndirməliyik. – Amma, rica edirəm, şeri oxuyasınız, lakin surətini yazmağa qoymayasınız. Çünki çapıq Əliheydər də şer deməyə başlamışdır. Xüsusən Bəşir Aşurbəyov da onun-bunun şerini götürüb «Nadir» təxəllüsü ilə oxuyur, özünə də söz demək olmur, çox danışanda, tapançasını qabağa çəkir. – Göstərmərəm, qorxma! Amma ora bax, o oğlan libasına girmiş qızlara baxanda rəhmətlik Hafizin bir misrası yadıma düşür. «Yad pədər nəmikunəd, in pəsəran-sənkdil». Hafizin bu misrasını eşidən şair, özünü düzəldərək: – Mən özüm əsrin Hafiziyəm, lakin bizim təbi şairanəmizə təkan verən yoxdur. Sən Sədi və Hafiz dövrünün şairlərə qiymət qoyan «Ətabək»lərini ver mənə, özüm də ənçir ağacının kölgəsində oturum, təzə xiyar, sarımsaqlı qatıq, şor kütümlə arağı da qoy qarşıma, onda Sədi ilə Hafizi çağır gəlsin görüm, bu lələşin qabağında nə iş görəcəklər. O biri şair xəfif surətdə güldükdən sonra: – Amma mən belə deyiləm, – dedi. – Mən Puşkin və Tofiq Fikrət yolu ilə gedirəm. Mən ki, yazmağa başladım, gərək labüddən qabağımda mürəbbədən, ənçir ricalından-zaddan bir şey olsun, bir qaşıq rical – bir bənd şer, nə qədər yaxşı şerlərim varsa, hamısını bağ vaxtı yazmışam. «Metropol»un qarşısında duran qızların təxirinə səbəb Ayollonun öz vədini pozub yubanması idi. Ayolla gələn kimi onlar faytonlara oturmağa başladılar, şairlərin Hafiz, Sədi, Puşkin və Tofiq Fikrətlə başladıqları «müsabiqə» söhbətləri də bitməmiş qaldı. Sadovski Leyla xanımın qolundan tutub faytona qaldırdı, özü də onunla bərabər əyləşdi. Raya xanım isə İvanovla bərabər faytona oturdu. Doktor Araratyanın qızı və Hamazasbın nişanlısı Ester xanım isə Hamazasb cəbhədə olduğu üçün Ter-Avetisovla bərabər faytona oturub yola düşdülər, «Metropol» qabağında duranlar isə hələ dağılıb getməmişdi, çünki onlar qızların yenə də «Metropol»a qayıdacağını gözləyirdilər. Şəhərdən o qədər də uzaqlaşmamışdılar. Sadovski Leyla xanımla söhbətə başlamaq üçün giriş axtarırdı. Qız 22 yaşında, gözəl, məşğuledici, kişilər qədər açıq, elmli, tərbiyəli və cəmiyyət arasına çıxmış bir qız idi. Sadovski bir tərəfdən bunları düşünür, onun gözəlliyini qeyd edir, ondan zövq duyur, o biri tərəfdən də unutmur ki, ingilis kralı yavərlərindən Hindistan şahzadəsi Bahadır xanın qadınıdır, o həm gözəldir, həm də gözəl bir istiqbalın açarıdır. Siyasi səadətin məxəzidir. Sadovski üçüncü bir cəhəti də nəzərdə tutmuşdu. O, eyni zamanda özünün bir ingilis tərəfdarı olmaqla, mədəni, elmli, tərbiyəli bir sima olduğunu göstərməyə səy edirdi. Sadovskinin düşüncəsinə hakim olan bu cəhətlər, mürəkkəb və qarma-qarışıq bir şəkil almağa başlamışdı. O, başında fikirləri bir-birindən ayırmağı və müəyyən bir şəkil verməyi bacarmırdı, şəhərdən kənara çıxandan bəri bu fikirlər üzərində çalışırsa, yenə də qızla danışmaq istədiyi söhbətlərin müqəddəməsini tapa bilmirdi. Bu düşüncələr uzun sükut tələb edirdi ki, bu da menşevik rəhbəri ilə bir faytonda oturan qızın darıxmasına səbəb olurdu. Leyla xanım Sadovskiyə belə bir sual verdi: – Əcəba, biz təbiətin nifrətini qazanmış bu otsuz, əlafsiz və qumluqdan ibarət olan çölləri və qısır təpələri sükutla gözdən keçirmək üçünmü səyahətə çıxdıq?! Sadovski bu sualdan sonra onun ağ əlçək içərisindəki əllərindən tutaraq soruşdu: – Buyurun görüm, mən sevimli xanımla hansı dildə söhbət edə biləcəyəm? Mən öz fikrimi hansı bir dildə ifadə etməliyəm? – Siz hansı dili çox sevirsiniz? Şübhəsizdir ki, sevdiyiniz dildə danışmağınız daha gözəldir. – Mən həm ingilis, həm də rusca danışa bilərəm. Lakin ən sevdiyim dil ingilis dilidir. Buna baxmayaraq, gözəl xanımın da bu barədəki fikrini bilmək istərdim. Leyla xanım əlini onun əlindən ahəstə çəkdiyi zaman dedi: – Mən ingilis dilini aləmşümul bir lisan olduğu üçün öyrəndim. Alman dilini texnika və sənaye dili olduğu üçün oxumuşam. İtalyanca oxumaq çox lazımdır, çünki xüsusən musiqi dərsi keçənlər üçün bu dil birinci növbədə lazımdır. Fransız dili diplomat dilidir, xüsusən Fransa ədəbiyyatını orijinaldan oxumaq üçün o dili hər bir mədəni insan bilməlidir. Fars dili ədəbiyyat və şer dilidir. Onu oxumayan Şərqi tanıya bilməz. Xəyyam, Hafiz, Sədilərin əsərlərini fars dilində oxuya bilməyən bir şərqli mədəni adam deyildir. Türk dilinə gəldikdə, onun da başqa bir əhəmiyyəti vardır. Rusçanı müvəffəqiyyətlə öyrənirəm. Bu Oktyabr inqilabının yaratmış böyük bir xalqın dilidir. Mümkün olursa, mən başqa dilləri də öyrənəcəyəm. Xüsusən çox dil bilmək, qadınlar üçün daha artıq lazımdır. – O nə üçün? Qadınların hər bir dili bilməyə məcbur olmasının səbəbi nədir? – Kişiləri öyrənmək üçün birinci növbədə onların dilini bilmək lazımdır. Leyla bu sözlə Sadovskini güldürdü, özü də güldü, nəhayət Sadovski: – İndi ki, belədir, gəlin ingilisçə danışaq. O dili həm sevir, həm də azad danışıram, – dedi. Sadovski ingilisçə sərbəst danışa bilmirdi, lakin buna baxmayaraq menşevik fəlsəfəsinə dair cümlələri tamamilə aydın deyə bildiyi kimi, bolşeviklərə qarşı düzdüyü tənqidləri də anlaşılmamış qalmırdı; öz fikrini ifadə edə bilirdi. İngilis dilinin gol-qabırğası əzilsə də, bolşevikləri dünya nəzərində hörmətdən salmaq üçün qəbul edilmiş tənqidlərin bir hərfinə belə xələl yetirilmirdi. Fayton Keşlə kəndinin yanından keçirdi. Şiddətlə əsən şimal küləkləri, Sadovskinin ağzından çıxan fəlsəfi sözləri qəliz tozun boz kəfənlərinə bürüyüb Keşlə kəndinin batmış və buraxılmış qəbirlərində dəfn edirdi. Şimal küləkləri Leylanı əyləncə halına salan və şahmat taxtasına bənzəyən kepkasını başından alıb qaçmaq istədi. Saçları Sadovskinin üzünə toxundu və Sadovski fürsətdən istifadə ilə Leylanın başını qolları arasına aldı. İndi artıq gözünə Keşlənin xaraba qəbiristanlıqları deyil, dəbdəbələr, rütbələr, ali vəzifələr, apartmanlar, ehtişamlı sarayların, içərisi dünya gözəlləri ilə dolmuş olan qəsrlər, ingilis sənəti-məmariyyəsi ilə tikilmiş qələciklər görünürdü. Sadovski aristokrat nəzakətinin bütün təfərruatını, burjuaziya zövqünün qadından tələb etdiyi bütün gözəlliyini təcəssüm etdirən bu qızın başını qolları arasına alarkən belə düşünürdü: «Mən bu gözəl qızın vasitəsilə, İngiltərə kralı yavərlərindən şahzadə Bahadır xanla tanış olacağam, biz sıxı əlaqəyə girişəcəyik, mən istiqbalımın təməl daşını bu gözəl qızla olan tanışlığımın nəticəsində qoyacağam». Bu fikirlər menşevik rəhbərlərinin başında böyüdükcə Abşeron yarımadasının da şəkli dəyişməyə başlayırdı. Sanki daxili düşüncələr həyata keçir və arzuları da get-gedə təzahür olurdu. Menşeviklərin yardımı nəticəsində İngiltərə imperializmi Zaqafqaziyanı işğal edir, Zaqafqaziya, İran və İraqla birlikdə İngiltərə müstəmləkəsinə çevrilir, İngiltərə lordlar palatasına namizədlər qoyulduğu vaxt, Sadovski də Zaqafqaziya nümayəndəsi sifəti ilə Londona gedir. Lordlar krala təqdim olunmaq üçün «Bukinqam» sarayına getdiyi zaman, Sadovski də onlarla bərabər kralın süfrəsinə dəvət olunur. Müstəmləkə naziri Seymon irəli çəkilərək lordluq rütbəsinə yeniçə nail olmuş Sadovskini krala təqdim etməklə: – Əlahəzrət! – deyir, – bu zat, Bakı neftini ingilislərə verən və bütün Rusiya sənayesini yanacaq böhranına düşürən namuslu menşeviklər nümayəndəsidir. Kral Sadovskiyə etinalı bir nəzər salaraq deyir: – Lord Sadovski! Sonra da kral ona əlini uzadır, Sadovski isə ayaqlarını kip qoyaraq, əskəri nizam alır və sağ əlini kral Keorkiyə uzadır. Sadovski bu təsir altında əlini uzadarkən, Leyla da saçlarını toplayıb kepkasını başına qoyurdu. – Məhəbbətinizdən məmnunam! – deyərək Sadovskini şirin rəyasından ayırdı. Lakin o, ruhunu saran xəyalın nəşəsi təsirilə: – Sevirəm! – dedi, – dəlicəsinə sevirəm! Leyla onun nə vəziyyətdə olduğunu hiss etməmiş deyildi. Buna görə də onu utandırmadı. – Hiss edirəm! Siz mədəni olduğunuz üçün də mədəni ingilisləri sevirsiniz, – dedi. Sadovski Leylanın bu sözündən sonra özünü yığışdırdı. Leylanı şübhəyə düşürməmək üçün: – Bəli! – dedi. – Bütün səyimiz mədəni ingilislərlə əlaqəyə girməkdən və mədəni bir hökumət qurmaqdan ibarətdir. Lakin bolşeviklər azadlığın İngiltərə bayrağı kölgəsində göyərə biləcəyini birdəfəlik anlamayıb, Rusiyanı çox ağır vəziyyətə düşürdülər. Leyla Sadovskiyə belə bir sual verdi: – Əcəba, bəzi məsələlərdə siz bolşeviklərə küzəştə getməklə vahid cəbhə düzəldə bilməzdinizmi? – O heç mümkün deyil, bolşevik nəzəriyyəsində menşeviklərə qarşı qəti bir barışmazlıq vardır. Aralıqdakı ixtilaf o qədər böyükdür ki, biz o ixtilafa qarşı az bir küzəştə getmiş olsaq, min illərlə vücuda gələn mədəniyyəti məhv etmiş olarıq. – Nə üçün? – Çünki biz dünyanı tədrici olaraq sosializmə aparmaq istərkən, onlar buna etiraz edir və bu yolu inkar edir, proletariatın silahlı qiyamı məsələsini meydana sürürlər. Onlar, burjuaziyanın ədalətinə inanmadıqları üçün burjuaziya öz insafilə proletariata heç bir şey verməz, proletariat silah gücü ilə öz hakimiyyətini ələ almalıdır – deyirlər, xüsusi mülkiyyəti isə inkar eləyirlər. İndi siz özünüz düşününüz, belə bir camaata küzəştə getmək, onlarla anlaşmaq və vahid cəbhə düzəltmək mümkündürmü? «Fabrik-zavod işçilərin, torpaqlar isə kəndlilərindir!» Biz, mədəni menşeviklər, bolşeviklərin bu şüarilə heç vaxt barışa bilmərik. Leyla əllərini üst-üstə qoyaraq: – Əcəba, bu mümkündürmü? – dedi, – «fabrik-zavod işçilərin, torpaq isə kəndlilərin»; bəs yerdə qalan xalq necə olsun? Fabrik-zavodları tikdirənlər və torpağın şəri sahibləri necə olsun? – Bolşevik fəlsəfəsində öz əməyi ilə yaşayanlar hər şeyə sahib olmalıdırlar, əməkçi olmayanlar istismarçı və başqalarının zəhmətindən istifadə edənlər imiş. Neft buruqları görünürdü. Şəlalə kimi mazut axıdan dolçaların səsini, buruq ormanlarının içərisindən eşidən Leyla Sadovskiyə bir sual da verdi: – Bu buruqlar kimindir? – Bolşeviklərin fəlsəfəsincə, onların sahibi, onların içərisində çalışanlardır. Bunların dikəlməsi üçün milyonlar sərf edən zənkin adamlar guya öz pullarını işçilərin qanından sormuşlar. Gözəl qız, siz gərək bizə kömək edəsiniz, biz camaatı xilas etmək üçün ingilisləri Bakıya çağırmışıq, siz bunları cənab şahzadəyə yazmalısınız, onların Bakıya gəlmək üçün bircə gün yubanması, mədəniyyəti on illərcə geri atır. Biz bu zənkin ölkəni alman-türk ordusuna yedirmək istəmirik. İngilislər bizimlə müttəfiqdir, yenə də Qafqazı onlara verməyə və ittifaqı davam etdirməyə çalışırıq. Biz onlarla ümumi mənafe uğrunda çalışmağa söz vermişik. Biz, bolşeviklərə, işçiləri siyasi mübarizəyə cəlb etməməyi, onlara qurulması mümkün olmayan xəyali bir hökumət vədi verməmələrini məsləhət gördüksə də, onlar bizim sözümüzə baxmadılar. Sadovski sözünü bitirdi, Leyla xanım isə söhbəti yenə də menşeviklər üzərinə keçirərək dedi: – Mən bir neçə gündən bəridir ki, sizin və sizin partiyalı yoldaşlarınızın nə qədər yüksək səviyyəli və mədəni insanlar olduqları haqqında qənaət hasil etdim. Sadovski şadlanaraq: – Sağlıq olursa, – dedi, – cənab Bahadır xan Bakıya təşrif gətirdikdən sonra, siz mənim özünüzə qarşı müstəsna bir səmimiyyət bəslədiyimi görəcəksiniz. Leyla da bu sözdən nazlanaraq: – Əcəba, mənim şəxsiyyətim müstəsna bir şəxsiyyətmidir? – dedi. – Mən də adi bir qadın deyiləmmi? Sadovski Leylanın əllərini tumarlayaraq dedi: – Xeyr! Siz müstəsna bir qadınsınız, biz qadınlığı bolşeviklər kimi məna etmirik, siz gözəlliyin yüksəkliklərinə varan ziyalı bir qadınsınız, siz burjuaziya mədəniyyətinin incə və qiymətli bir məhsulusunuz, biz sizi bolşeviklər kimi qiymətləndirmirik. Siz mələklər dünyasında yaşamalısınız, bunun üçün biz, haman dünyanı yaşatmağa çalışır və buna mane olanlarla da mübarizə aparırıq. Sadovski bu sözləri danışarkən, işdən çıxıb, faytonun qabağında gedən sağlam bədənli bir qadını göstərərək: – Bu qadın neft işçisidir, – dedi, – bolşeviklər gözəllik üçün yaranmış incə və zərif vücudları ağır bir zəhmətin pəncəsinə verirlər. Sadovski bu sözünü dedikdən sonra Leyla xanımın əllərini sıxdı. – Lakin siz, bəşəriyyətin kədərlərini, zəhmətin ağırlığını unutdurmaq üçün yeganə bir vasitəsiniz. Biz kişilərin yaradıcılıq qüvvələrini artıran, bədii duyğularını coşduran, təbiətin möcüzələrini təcəssüm etdirən bir qadınsınız. Buna görə də, menşeviklər qadınlara verilmiş hüququn geri alınmasına tərəfdar deyildir, biz heç vaxt incə mənalarla dolu olan qadın kəlməsinin təhrif olunmasına imkan verəməyəcəyik. Bizim bolşeviklərlə olan ixtilafımızın birisi də həmin qadın məsələsidir, çünki biz, Leyla xanım kimi qadınları yüksək tuturuq. – Bolşeviklərin əsas məfkurəsi nədən ibarətdir? – Menşeviklərin dediklərinin əleyhinə getmək bolşevikin əsas məfkurəsidir. Sadovski uzun-uzadı hədyanlarına yekun vurmaqla Leyla xanımın əlini qaldırıb dodaqlarına qoydu, meşin əlçəkləri öpdü. Raya xanımla İvanov oturduğu fayton çox yavaş gedirdi, faytonlardan çox geri qalmışdı. İvanov hələ şəhərdən kənara çıxmadan, Raya xanımın çətirinin ucu ilə faytonçunu dümsükləyərək: – Tələsməyə lüzum yoxdur, – dedi, – küçələr daşlıqdır, xanımı rahatsız etməyin! Allahın heyvanlarına da əziyyət verib qovmaq yaxşı deyildir. Fayton yavaş-yavaş getdiyi kimi, söhbətlər də tədrici olaraq əsas məsələ üzərinə gəlirdi. İvanov öz mühakimələrində Sadovskidən çox irəli getmişdi, çünki Rayanın özü də buna imkan vermişdi. İvanovun bir əli Rayanın belində, digər əli onun əllərində idi. İvanov onun barmaqlarından öpərək: – Heç şübhə etmirəm ki, gözəl qız mənim ordu və donanmadakı nüfuzumdan xəbərdar deyildir. Cənab general və onunla da bərabər həşəmətli Bahadır xan və miralay Tiq-Çonson gələndən sonra mənim nüfuzumun yüksəldiyini bir daha müşahidə etmiş olacaqsınız. Bizim partiyamız dünyanı bolşevik təhlükəsindən qurtarmaq üçün ingilislərə istinad edən yeganə bir partiyadır. Sinfi fərq olmadan xalqın möhtac olduğu azadlığı ancaq biz verə biləcəyik. Xüsusən mənim özüm Brest-Litovsk müqaviləsi əleyhinə çalışan birinci mübarizəm. Ehtişamlı istiqbalın yolunu ancaq mən və mənim partiyam aça biləcəkdir. Mən sizin gözəlliyinizə and içirəm, bütün fikrim, bütün əməlim bəşəriyyətin azadlığından ibarətdir. Raya gülərək soruşdu: – Əcəba, gözəlliyə and içmək və onu bəşəriyyətin müqəddəs deyə yəmin etdiyi şeylərlə müqayisə etmək olurmu? İvanov onun belini sıxaraq: – Mənim ruhum,—dedi,—ola bilər, mümkündür. Gözəlliyə tanrı deyən adamları tənqid etmək də caiz deyildir, çünki gözəlliyin qüvvəti, bütün gözəlliklərin fövqündədir. O, hər kəsi diz çökdürə bilir, siz isə gözəllərin gözəlisiniz, çünki sizdə daxili bir gözəllik də vardır. Raya: – Siz bizi nə qədər tez öyrənə bildiniz!—dedikdə İvanov əlini öz döşünə qoyaraq: – Bağışlayın, açıq deyəcəyəm, mənim sevgim sudan safdır. Mən sizi öz əqidəm kimi sevirəm, sizi öyrəndim. Sevginiz qəlbimdə yer tutandan sonra öyrəndim. – Sevginiz kimlərədir? Leylayamı? Mənəmi? – Bu həqiqəti söyləmək üçün mənə icazə verəcəksiniz? Raya nazlanaraq: – Həqiqəti söyləmək üçün də icazə istənilərmi?—dedi.—İnqilabçı həqiqəti söyləmək üçün icazə istəməz. Həqiqəti icazə ilə söyləmək qorxaqlıqdır. İvanov özünü toplayaraq: – Haşa! Mən qorxaq deyiləm, buna mənim tərbiyəm və partiya namusum da yol vermir. Sevdiyim bir simadan icazə istəmək onun zatına qarşı bir hörmət deyildirmi? Əksinə olaraq məndə qorxu naminə heç bir hərəkət görməzsiniz, çünki sizinlə yan-yana oturan simada, qəhrəmanlıq bütün tamlığı ilə mərkəzləşmişdir. Məni nə qasırğalar, nə də ildırımlar sarsıda bilər. Mən dəhşətli top atəşlərini əyləncə sayan, ölümə istehzalar yağdıran, uçurumlardan soyuqqanlılıqla atlanan bir oğlanam. Raya yenə soruşdu: – Bunların hamısı doğrudur; deyin görüm mənimi, Leylanımı sevirsiniz? Bu sözlərdən sonra, İvanov onun əlcək içindəki barmaqlarını əmərək cavab verdi: – Bunu mən özüm deməyəcəyəm; icazə veriniz, bu həqiqəti sevdalı bir qəlbin çırpıntıları söyləsin, dinləyin! Qoyunuz bu döyüntülər sizə on günlük inqilabın uzun bir tarixini oxusun. İvanov bunu deyərək, Rayanın əlini qaldırıb öz köksünə qoydu. Aralıqda sükut başladı, bundan sonra Raya gülərək: – Dinlədim,—dedi,—çox diqqətlə dinlədim, o çırpıntıları oxudum, doğrudan da varlığınızda bir təbəddülat törətmişdir. Hərgah siz bu təbəddülata bir inqilab siması vermək istəyirsinizsə, o zaman mən bu barədə bir neçə söz demək istərdim. İvanov sevinərək: – Söyləyiniz,—dedi,—rica edirəm söyləyiniz! Raya məzhəkə yolu ilə: – İnqilabınızın tarixi çox qısadır,—dedi,—mənçə hələlik o, inqilab şəkli ala bilməmişdir. Görünür ki, bu inqilab, bizim Bakıya gəldiyimiz gündən başlamışdır. Mənçə uzun bir tarixə malik olmayan və ani bir surətdə doğan inqilaba sadəcə hadisə demək daha doğru olardı, sizin bu sevgi hadisəniz tədricən olaraq inkişaf etdikdən sonra, bir inqilab şəkli ala bilər, çünki uzun tarixə malik olmayan və dəhşətli mübarizələr nəticəsində inkişaf etməyən, hətta inkişaf qanunlarını keçə bilməyən, daha açığı zəminəsi uzun zamanlardan bəri qoyulmayan bir inqilabı yaşatmaq olduqca çətindir. Sizin sevgi hadisələriniz, uzun təcrübələr keçmədiyi, günün hadisələrini öz qoynunda bişirə bilmədiyi üçün bir hadisə şəklindən çıxa bilməz. Zatən sevginin özü də həyatda bir hadisədir. Hər bir ani və gələcəyi olmayan bir hadisəyə inqilab namı vermək doğru deyildir. İvanov başını qaldırdı və utanaraq dedi: – Mən arzu edərdim ki, bu sevgini böyütmək və onu hadisə şəklindən çıxartmaq üçün gözəl bir qızın səmimi ürəyi və incə əlləri də iştirak edəydi—mənçə müştərək fəaliyyətdə gözəl bir istiqbal vardır. Raya onun əlinə vuraraq çox ahəstə: – Mən indi sizi öz sözünüzlə tutdum,—dedi,—hərgah bir inqilabı möhkəm etmək, onu hadisə şəklindən çıxarıb qalib bir inqilab şəklinə salmaq üçün müştərək bir fəaliyyət lazımsa, o zaman sizin də bolşeviklərlə müştərək fəaliyyətdə bulunmağınız, siyasi və ictimai inqilabı möhkəm etməyə çalışmağınız lazım deyilmi? İvanov bir neçə dəqiqə qurdalandı, daxili aləmini araşdırdısa da, nə vicdan naminə bir şey, nə də söyləmək üçün layiqli bir cavab tapa bildi. Nəhayət Raya xanıma müraciətlə: – Gözəlim, gəlin siyasətlə sevgini qarışdırmayaq,—dedi. Raya: – Nə üçün?—deyə ona sual verdikdə o dedi: – Çünki siyasət o qədər ağırdır ki, onu qadınlığın incə tərəzisi çəkməz! Raya yenə də soruşdu: – Əcəba, siz qadınların siyasətə qarışmasının əleyhinəmisiniz? İvanov dedi: – Əlbəttə əleyhinəyəm! İvanov dodaqlarını Raya xanımın al dodaqlarına uzatmaq istədisə də Raya: – Bizim tanışlığımızın dar hüdudu, hələlik sizin bu geniş və sərbəst hərəkətlərinizə icazə vermir,—deyərək başını kənara çəkdi. İvanov çaşdı və yenə də: – O icazənin müddəti nə qədər uzun çəkərsə çəksin, yenə də mən haman səadəti gözləyəcəyəm. Raya İvanova belə bir sual verdi: – Siz qadınların kişilər ilə hüquq bərabərliyinə tərəfdarmısınız? İvanov cavab verdi: – Bəli, tərəfdaram! Raya dedi: – Siz hazırda qadınları fövqəladə bir şəxsiyyət kimi mənalandıraraq, mühüm bir şeyi tamamilə unudursunuz; çünki fikrinizdə ali və fövqəladə şəxsiyyət kimi nümayiş etdirdiyiniz qadına, adi bir insana verilə biləcək hüququ belə vermək istəmirsiniz. – Siz bəlkə də mənim qadınlar haqqındakı fikrimi lazımınca dinləmədiniz, yaxud da mən öz fikrimi lazımınca ifadə edə bilməmişəm. Biz nəinki qadınlara yüksək hüquq veririk, bununla bərabər kişilərin yalnız qadınlar üçün yaşamasını belə tövsiyə edirik. Biz hətta qadının sevib-sevilmək duyğularına geniş imkanlar yaradırıq. – Mənçə qadına siz deyən kimi sevib-sevilmək imkanı verməkdənsə, ona yaşamaq imkanı vermək daha doğru yoldur. – Əcəba, biz qadınlara yaşamaq imkanı vermirikmi? – Xeyr, vermirsiniz! Sizin fikriniz şəxsi bir fikir deyil, böyük təşkilatın fikri olsa da yanlışdır. Mənçə qadının tam bir hüquqa və kişilərlə bərabərliyə malik olması nə onun sevib-sevilmək imkanına sahib olması, nə kişilərin onlar üçün yaşaması, nə də kişinin onu altunlara tutması, ipəklərə büründürməsi ilə mümkündür. Qadın hüquqsuzluq və bərabərsizliyini doğuran əsas amillərdən biri, qadının iqtisadca kişidən asılı olmasından ibarətdir. Qadının kişilərlə bərabərliyi və iqtisadi asılılığın ağırlığını üzərindən atması üçün onun zəhmətin bütün sahələrində iştirakı lazımdır. Neft çalalarında çimmək, ya başqa-başqa ağır zəhmətlərdə iştirak etmək qadın üçün məcburi deyildir. Hər halda qadın bir maşını bir kişi qədər idarə edə bilər. Hərgah sevib-sevilmək bir hüquq sayılsaydı, onda bütün hüququn qadın düşkünlərinə verilməsi lazım gələrdi. Çünki bir çox düşkün kişilər bu barədə qadınlardan daha irəli getmişlər. Onlar gündə birisini sevir, gündə bir başqasının dalınca düşür. Bəzi qadınlar da bu barədə onlara böyük imkan yaradırlar. Lakin qadınların əksəriyyəti belə deyildir. İvanov sakit oturmuşdu. Raya xanıma cavab vermək üçün təzə sözlər axtarırdı, nəhayət qətiyyən məsələyə dəxli olmayan bir cavab verdi. – Kişilərin gündə bir sevgini əvəz etməsi, qadınların qarşılıqlı sevgi yaratmağa qabil olmadıqlarından doğur. Raya: – Doğrudur,—dedi,—çünki qadınlar qarşılıqlı sevgi yaratmaq üçün cənab İvanovlar kimi qısa yol intixab edə bilməmişlər. Qarşılıqlı sevgiyə gedəcək yol, çox uzundur. Qadınlar bu yolu cənab İvanov kimi bir neçə gündə etməyə tələsmirlər. Qadınlar kişilər kimi hüdud xaricində hərəkət etdikləri vaxt ədəbsizliyin adını sevgi qoymağı da bacara bilməzlər. İvanov bu sözləri eşidərkən əlini Rayanın belindən çəkərək: – Gənc xanım, məni bağışlayın,—dedi və səyahətin axırına qədər danışmadı... Faytonun təkəri çuxurlara düşdükdə, Ester yırğalandı və başı miralay Avetisovun zər pağonlarına toxundu. Ester başını sürətlə qaldıraraq: – Bağışlayın, sizi narahat etdim,—dedi. Avetisov onun əlini sıxdı: – Narahat yox, biləks xoşbəxt etdiniz,—dedi. Ester qara gözlərini onun üzünə dikərək: – Siz bu xoşbəxtliyi haradan qazandınız,—dedikdə, Avetisov ikinci barmağını pağonunun üzərinə qoydu: – Bir çox gözəl qızların nəzərini cəlb edən bu zər pağonlar birinci dəfədir ki, bütün gözəllərə meydan oxuyan Ester kimi gözəl bir qızın üzündən öpməyə nail olur,—dedi. Ester qara gözlərini qıyaraq Avetisovu ayağından başına qədər süzdü və: – Rica edirəm ki, söhbətimizin mövzusunu dəyişəsiniz, faytondan düşmək məcburiyyətində qalacağam,—dedikdə Avetisov heç də özünə aldırmadan cavab verdi: – Bunun mənasını bilmədim. Çünki həyatın bütün mənəvi ləzzətləri, həmin bu mövzunun mündərəcəsi üzərində qurulmuşdur. Gənc qız həyatı sevmirsə, bunu vaxt ikən söyləməli və həyata qarşı bədbinliyinin səbəbini göstərməlidir. Ester: – Mən həyatın nə əsaslar üzərində qurulduğu və mənəvi ləzzətinin nədən ibarət olduğu haqqında mübahisə açmaq istəmirəm,—dedi,—lakin hər bir mövzunu harada və kimin üçün danışmaq lazım olduğu barədə düşünməli idiniz. Miralay Avetisov qızıl qapaqlı papiros qabını çıxarıb papiros yandırdıqdan sonra dedi: – Sizi sevməyə başlayan bir zata qarşı bu qədər şiddətli və mənfi, qəti çıxışlarınıza iki məna verə bilərəm: birinci, siz öz sevgiliniz Hamazasbı səmimiyyətlə sevir, ya da ondan bir canavardan qorxan kimi qorxursunuz, bu son məsələdə mən də sizi haqlı görürəm, çünki o, olduqca vəhşi, olduqca mədəniyyətsiz bir insandır. O, Ester kimi barmaqla nişan veriləcək bir qızın dırnağına belə layiq deyildir; o sizi yuxusunda da görə bilməzdi. Onun hazırkı vəzifəsi də sizin üçün məsud bir istiqbal yarada bilməz. O kimdir? Kiçik bir tabur komandanı deyilmi? Mənim əlim altında çalışan zabitlər içərisində ondan da tənbəl və dəyərsiz bir adam yoxdur. Hərgah onun səsinin ucalığı, o tərəf-bu tərəfə soxulması sayəsində sizin möhtərəm atanız erməni milli soveti üzvlüyünə keçmişsə, onun da bir əhəmiyyəti yoxdur. Siz bilməlisiniz ki, mən istəsəm, sizin atanız, milli sovetin üzvü deyil, sədri mərtəbəsinə belə qalxa bilər. İndi xanım qız, siz özünüz söyləyin, mənim bütün dediklərim doğru deyildirmi? Siz ondan qorxduğunuz üçün mənim sevgi hisslərimi qırırsınız. Siz ondan nə üçün qorxursunuz? Bilməlisiniz ki, bu gün nəzərimi Hamazasbın üstündən götürsəm, o, bir gün də olsa bu qarmaqarışıq və anlaşılmaz vəziyyətə düşən Bakıda baş saxlaya bilməz, çünki o, daşnaq deyildir, daşnaqlar da onu müdafiə etməzlər. Hərgah siz mənə izin versəniz, mən onu Bakı mühitindən yox etdirə bilərəm. Ester, mən anlaya bilmirəm, siz məndən nə üçün qaçırsınız, mən sizin millətinizin, sizin partiyanızın fəxr etdiyi bir zabitəm, əcəba, siz məni Hamazasb kimi xırda şəxsiyyətlərə satmaqmı istəyirsiniz? Ester onu bir daha ayağındakı parlaq uzunboğaz çəkmələrdən başlayaraq, furajkasındakı gümüş kakardına qədər süzdü və sonra əlini onun əlindən ahəstə çəkdi. – Hərgah Hamazasb mənə layiq deyilsə bunun mübahisəyə lüzumu yoxdur,—dedi.—Çünki onu sevmirəm və ona ərə getməyə də hazırlaşmıram. Mən ona ərə getsəm belə, onun və ondan böyüklərinin də vəzifələrindən səadət gözləyəcək deyiləm. İstər o sizin əliniz altında, istərsə əliniz üstündə olsun, yenə də mənə üstün gələ bilməz. Çünki nə onun vəzifəsi, nə onun sevgisi mənə lazımdır. Atamı milli sovet seçdirməsi isə ancaq atam üçün qiymətlidir. Mənim üçün heç bir əhəmiyyəti yoxdur. Hərgah atam Hamazasba mükafat vermək istəyirsə, başqa bir şey tapsın; məni mükafat olaraq bir nəfərə bağışlaya bilməz. O mənim anasızlığımdan istifadə edərək nə sata bilər; nə də istəmədiyim və sevmədiyim bir adamı sevməyə məcbur edə bilər. Sizin atama yüksək bir rütbə qazandırmaq arzunuz da mənim həyatıma təsir edə biləcək bir hadisə deyildir. Siz bununla öz dəvətinizin mənim tərəfimdən qəbul ediləcəyinə inanmayın! Çünki rütbə və mənsəb sevgiyə hakim ola bilməz. Mənim Hamazasbdan qorxmağım boş sözdür. Hərgah bir cani mənə yanaşır və öz sevgisini daşnaqcasına mauzer gücü ilə bir erməni qızına qəbul etdirmək istəyirsə, o vaxt mən də inad göstərər və ölməkdən qorxmayaraq onu rədd edərəm. Sizin dəvətlərinizi rədd etməyim isə, sizinlə Hamazasb arasında ixtilaf çıxarmaq istəmədiyimdəndir, çünki mənim üzərimdə başlanmış şəxsi ixtilaf, ümumi mənafeyin zərərinədir. Siz Bakını müdafiə edən ordunun başındasınız, sizin bir qızdan ötrü çəkişməniz, ordunun müdafiə qüvvəsini zəiflədər. Bu da, sizin üçün eybdir, mənim ətəyimi buraxmalısınız, mən yalnız sizi deyil, Hamazasbı da rədd etmişəm, hərgah o mənim qolumdan tutur və mənim etinasızlığıma soyuqqanlılıqla baxırsa, özünün şərəfsizliyindəndir. Hərgah cənab Avetisov icazə versəydi, mən bir az açıq danışardım. Esterin bu sözünə cavab olaraq Avetisov: – Danış, mələyim Ester, danış,—dedi.—Sənin səsini doyunca eşitmək və sənin sözlərini dinləmək istəyirəm. Ester sözünə davam etdi: – Tənqid edəcəyəm, çünki siz özünüz icazə verdiniz. Siz deyirsiniz ki, «mən sizin millətinizin, sizin partiyanızın fəxr etdiyi bir zabitəm»; bu sözlər eynilə Hamazasbın sözləridir. O da sevgisini bu sözlərlə elan edir. Əvvələn mən daşnaq deyiləm, partiyanın nüfuzu ilə də ucalıb-alçalmağa həvəsim yoxdur. «Millətimizin fəxr etdiyi» sözlərinə gəldikdə, bu sözlər çox köhnəldiyinə görə, mən cənab miralaydan rica edərdim ki, bu sözləri bir daha təkrar etməsinlər. – Nə üçün?—Avetisov yarımaçıqlı bir surətdə sual verdi.—Əcəba, böyük bir partiyanın zabiti olmaq şərəfsizlikmidir? Ester soyuqqanlı bir surətdə: – Çünki siz,—dedi,—sizinlə fəxr edən bədbəxt erməni millətinə ölümdən, fəlakətdən, xarabalıqdan başqa heç bir şey vermədiniz, Ermənistan, erməni xalqının məzarına döndü, buna görə də daşnaq partiyası erməni xalqının nəzərində müflis oldu, daşnaq kəlməsi erməni millətinin fəlakəti deməkdir. Partiyanın silahlı rəhbərləri şəxsi mənfəətpərəstdirlər. Hətta canlı bir insana sahiblənmək yolunda mübarizə aparır, öz sevgilərini silah gücü ilə bir erməni qızına qəbul etdirməyə çalışırlar. Mənçə millət, bu kimi şeylərlə fəxr etməkdən doymuşdur, artıq o, başqa işlərlə fəxr etməyi sevir, o, namuskarlığı, ümumi mənafeyi müdafiə edənləri, ümumi xalqın azadlığı yolunda çalışanları sevir. Hərgah belə bir şəxsiyyətə təsadüf etsəm, mən də təqdir edər və onun varlığı ilə fəxr edə bilərəm. Ester sözünü bitirdi, Avetisov ona ikinci bir sual verdi: – Əcəba, bizim hazırkı vəzifəmiz eyni ilə sizin dediyiniz kimi, ümumi mənafe yolunda işləmək deyildirmi? Ester dedi: – Bu vəzifə axıra qədər düzgün aparılırsa dediyiniz doğrudur, lakin düz aparmırsınız. Cəbhədən çəkilirsiniz, türk-alman ordusu hər gün yeni mövqeləri işğal edir. Erməni taburları isə «paltarımız yoxdur» deyə güllə atmaq istəmir. Onların rəhbərləri isə bir qızın məchul sevgisi üçün pəncə-pəncəyə vurmaqdadırlar. Avetisov: – Hərgah biz qalib çıxa bilsək nə olsun?—dedikdə Ester: – Onda vəzifəni bitirmiş olursunuz,—dedi. – O zaman siz də bizi təqdir edərmisiniz? – Şübhəsiz! – Nə kimi vasitələrlə təqdir edəcəksiniz? – Əlinizdən öpmək və bir Sovet vətəndaşı kimi yaxanıza qızılgül taxmaqla sizi təbrik edəcəyəm. – Mən o zaman sizin əlinizi rica etmək istərdim. – Hərgah əlim başqa bir əldə olmasa, nə maneə vardır? – Siz bu fikirləri başınızdan atınız! Siz istəsəniz, mən həyatı daha gözəl bir şəklə sala bilərdim. – Nə kimi şəklə sala bilərdiniz? – Müharibəni birdəfəlik buraxıb, silahı yerə qoyardım, Rusiya hər kimin olursa-olsun, nəzərə almazdım, sizi də götürüb bu gilü-gal dünyasından kənara çəkilərdim. – Hara? – Fransaya, Parisin apartmanlarına, insancasına yaşamaq üçün, sevgilər içində həyat keçirmək üçün! – Tənbəllik üçün, səfil həyat keçirmək üçün, sizi böyüdən ölkəni düşmən qarşısında qoyub qaçmaq üçün, xalqın dərdini bölüşməmək üçün, eləmi? Belə bir zamanda cəbhəni tərk etmək, silahı yerə qoymaq, qorxaqlıq deyilmi? Mən bu cür adamları sevmirəm, başqa qızlar da sevməz. Çünki qız qəlbi, qəhrəmanları daha tez sevər. – Hər nə olursa-olsun, mən sizin məhəbbətinizi qazanmağa çalışacağam. – O yol doğru yoldur, məhəbbəti qazanmaq lazımdır, bir sevgini digər bir sevgi ilə əlaqələndirmək üçün. Qəlbə yol tapmaq birinci yoldur. Qısaca söyləyirəm, o yolu nə silah, nə altun, nə pağon, nə gözəllik, nə də sərvətlə açmaq mümkündür. Avetisov qollarını onun boynuna salıb öpmək istərkən faytonçu onlara müraciətlə: – Ağa, burada saxlayımmı?—deyə Esterin vəhşi qollar arasından qurtulmasına səbəb oldu. Bu gün—menşeviklərin heç gözləmədiyi bir zamanda bolşevik natiqlərinin çıxışı olacaqdı. Menşevik, eser və daşnaq rəhbərləri miting olacaq yerdən uzaqlaşmaq istəsə belə mümkün olmadı, çünki Leyla və Raya xanımlar bolşevik natiqlərinin çıxışları ilə maraqlanırdılar. Onlar məcburi surətdə faytonlardan düşüb miting dairəsinə yaxınlaşdılar. Leyla və Raya səbirsiz bir surətdə mitingin açılmasını gözləyirdi, onlar menşevik və eserlərin sözündən «tanıdıqları» bolşevikləri hazırda xitabət kürsüsündə görəcək idilər. Çox intizardan sonra Raya və Leylanın indiyə qədər eşitmədiyi bir səs: – Yoldaşlar!—dedi. Bu səs, qara bığlı, qara və yumru gözlü, yaxası açıq bir bolşevikin səsi idi, o sözünü Nobel müəssisələri işçilərinə deyirdi: – Nobel işçiləri! Aprel ayının birində və üçündə baş verən hadisədən əvvəl Bakıda Sovet hakimiyyətinin ancaq adı var idi. Bu günlərə qədər, Bakıda hökumət sürən ancaq burjuaziya idi. Lakin bizimlə başladığı açıq müharibədə düşmən tamamilə əzildi, bolşeviklər qalib çıxdılar. Burjuaziya lakeyləri bir neçə gündən sonra bu müharibəni burjuaziyaya qarşı müharibə deyil, erməni-müsəlman qırğını deyə qələmə verməyə çalışdılar. Onlar Sovet hökumətinin ermənilər tərəfində durduğu və erməni burjuaziyasına qalibiyyət qazandırmaq istədiyi haqqında iftiralar yaymağa çalışırdılar. Lakin heç bir idraklı işçi bu iftiraya inanmadı! Siz baxın, görün, aprel hadisələri nə kimi bir nəticə verdi?! Hər şeydən əvvəl erməni burjuaziyasının orqanı olan «Bakı» qəzeti qapanıb, onun mətbəəsi əlindən alınmadımı? Məğlub olmuş burjuaziya üzərinə təzminat qoyulmadımı? Məşhur erməni burjuyları, həbsxanada yatmırmı? Bir hökumət təşkilatı olan erməni milli soveti qapanmadımı? Biz erməni milli alayını buraxıb onları bolşeviklərə tabe etmədikmi? Bu tədbirlər görüldükdən sonra işin həqiqəti haqqında heç bir kəs şübhə edə bilməz. Ancaq burjuaziya məğlub edildikdən sonra Bakıda Sovet hökuməti özünün möhkəmləndiyini hiss etdi. Hər kəsdə bir balaca əqil və vicdan varsa, o indi deməlidir ki, aprelin üçündəki hadisə milli müharibə deyil, doğrudan da burjuaziyaya, kapitalistlərə qarşı müharibə idi. Lakin menşeviklərdə darı boyda olsa da vicdan tapılmadı, onlar biz ehtimal etdiyimizdən də alçaq imişlər. Onların mənəvi süqutu bir daha məlum oldu. Siz, Nobel işçiləri isə hökuməti belə adamlara tapşırmaq istəyirsiniz. Siz yenə də menşevik partiyasını bir sosialist partiyası kimi tanımağda davam edirsiniz. Siz istəyirsiniz ki, biz bolşeviklər, cənab Sadovski və Ayollonu öz yoldaşlarımız kimi tanıyaq, halbuki biz onları çoxdan bəri provokator, fitnəkar elan etmişik. Bu sözlə Ayollo cavab verməyə qalxdı isə də Sadovski ətəyindən dartıb sakit elədi. Leyla və Raya xanım isə onların üzünə baxmırdılar. Çünki onların ifşa edildiklərini, çıxılmaz bir vəziyyətdə qaldıqlarını və bu səfərdən peşiman olduqlarını görüb anlayırdılar. Natiq yenə sözünə davam etdi: – Nobel işçiləri! Sizə hələ indiyə qədər mühüm bir məsələ məlum deyildir: yolların bağlanmasının, Bakıda aclıq və qəhətlik baş verməsinin müqəssiri də Zaqafqaziya menşevikləridir! Güman ola bilər ki, biz bu məsələdə qərəz işlədirik, budur, inandığınız və qabilliyyətli saydığınız sağ eser və daşnaqlar sizin qarşınızda durmuşlar, sizin gözünüzün qarşısında duran sağ eserlər deyir ki, Zaqafqaziya Komissariatı «müsavat» burjuaziyasının ordusunu tüfəng, top və pulemyotla təchiz edib Bakı üzərinə göndərdi və Batumi şəhərini iki yüz nəfərdən ibarət olan türk ordusuna təslim etdi. Bütün partiyaların təsdiq etdiyinə görə, Zaqafqaziyanın düşdüyü hazırkı fəlakət, menşeviklərin fitnəsi nəticəsidir. Menşeviklər «müsavat» ordusunu silahlandırıb bizim taxıl yollarımızın kəsilməsinə səbəb oldular. Bunların hamısı ilə bərabər menşeviklər yenə də bizi ərzaq çətinliyi işində təqsirləndirərək, siz işçiləri yanlış və zərərli yollara çəkirlər. Lakin yenə də siz Nobel işçilərinə müraciətlə deyirik: Yoldaşlar! Fitnəkarlara uymayın, siz burjuaziyaya satılanların sözlərinə inanıb, öz hökumətinizin yıxılmasına kömək etməyin! Onlar sizin hökumətinizi, sizin öz əlinizlə yıxmağa çalışırlar. Onlar Zaqafqaziyada qazandığımız nailiyyəti sizin qanınız içində qərq edib boğmağa çalışırlar. Yoldaşlar! Kiyevdə və bütün Ukraynada baş vermiş xəyanətlər, sizə ibrət dərsi verməlidir! Siz bilirsiniz ki, bizim azadlığımız yolunda çalışan yoldaşlar, bir gün deyil, aylar və illərlə həbsxanalarda ac qalırlar. Yoldaşlar! Siz bilirsiniz ki, Qızıl Ordu Bakıya yol açmaq üçün böyük qurbanlar verməkdədir. Və yenə siz bilirsiniz ki, yolun mühüm hissəsi açılmışdır. Yoldaşlar! Öz mövqeyinizdə möhkəm durun. Hərbi vəzifə daşıyan bir gözətçi kimi durun! Siz bilin ki, aciz müsavatçılardan və Türkiyə bandalarından qorxu yoxdur. Bizim üçün daxili ərzaq qıtlığı da dəhşətli deyildir, lakin işçilərin arasında möhkəm birlik olmaması və onların öz doğma Sovet hökuməti ətrafında möhkəm toplaşmaması bizim işçi hökumətini məhv edə bilər. Sadovski: – Bizə də elə sizin məhv olmanız lazımdır!—dedi. * * * IV. Brilyant sırğalar Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi. Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı. O, mənzilin qapısını daldan qapadı, Esterin cibindən götürdüyü məktubu oxumağa başladı. Leyla bu məktubla tanış olmamışdan qabaq Esterin qəlbində başqa sevginin mövcud olduğundan xəbərdar deyildi. Məktubu yazan Esterin sevgilisi Vahan idi. «Əziz və uşaqlıq yoldaşım Ester! Sən gərək mənə son məktubunu yazmayaydın, o məktubla mənim qəlbimi sındırdın, daha açığı məni təhqir etmiş oldun. Əcəba, sən məni uşaqlıqdan tanımırsanmı? Vahan nə qədər yoxsul işçi olur-olsun, başqasının köməyinə etina etməz. Şübhəsiz ki, sən bunu, məni təhqir etmək üçün yazmırsan, işçilərin ağır vəziyyətini anlayaraq yazırsan, buna görə də mən sənə təşəkkür etməyə bilmərəm. Lakin sən mənim nə qədər qara günlər keçirdiyimi, aclıq və ehtiyaclarla çarpışdığımı, buna baxmayaraq təslim olmadığımı bildiyin halda, mənə pul təklif etməməli idin. Sən bilirsən ki, mən işçiyəm, lakin Nobel işçiləri kimi işçilərdən deyiləm, mən zəhmət və ehtiyac içində bərkimişəm. Mən Bakı işçilərindən ötrü gəlmiş taxılları zorlayıb aparmış olan Nobel işçilərini tənqid etdiyim halda öz qarnımın, öz ehtiyacımın qeydinə qalsam eyib olmazmı? Gözəl Ester, yoldaşlarım necə yaşayırsa, mən də elə yaşamalıyam. Ester, bir də sən özün də atanın əlinə baxırsan, sən özün işləsəydin, uşaqlıqda keçirdiyimiz yoldaşlığın gənclikdə də davam etdirilməsinə icazə versəydin, hərgah sən yüksək sarayları, zər pağonları buraxıb mənim mənsub olduğum əməkçilər içərisinə gəlsəydin, mən sənin zəhmətindən hasil olan qəpiyi milyon sayar və öz zəhmət haqqım kimi sərf edərdim. Lakin indi sən hər nə olursan ol, yenə də daşnaq ailəsinə mənsubsan və mən səndən maddi yardım almağa razı ola bilmərəm. Ester, indiyə qədər sənə yazmağa cür'ət etmədiyim bir məsələ haqqında da yazmaq istəyirəm. Böyük bir arzum var ki, o da səni daşnaq ailəsindən ayırmaq və təmiz vicdanını gələcək ləkələrdən müdafiə etməkdən ibarətdir. Belə olursa mən özümü üzərimə atılan töhmətlərdən qurtara bilərəm, çünki məni daşnaq qızı ilə dost olduğum üçün töhmətləndirirlər. Mən istərdim ki, sən daşnaq olmadığını və əməkçilərin xeyirxahı olduğunu işdə göstərəydin. Bu barədə lazımi qədər düşünməli və məktubun cavabını göndərməlisən. Sənin səmimi yoldaşın, Vahan. 10 iyul, 1918-ci il. Leyla məktubu oxuduqdan sonra öz-özünə: «Yanılmışam,—dedi,—bunu təqib etməlidir, özünü qayət məzlum və sadə göstərən bu qız bolşeviklərlə əlaqədardır; doğrudan da Bakı bolşevik şəhəri imiş». O, məktubu gizlətdikdən sonra yatağına uzanaraq düşündü və özü də hiss etmədən danışmağa başladı. «Raya da, Ester də şübhəlidirlər,—dedi,—Ester bolşeviklər əlindədir. Rayanı isə tuta bilmərəm, çünki bütün yazıları stenoqrafiya cizgilərindən ibarətdir. Bundan da mənim başım çıxmır, bir kəsə də göstərə bilmərəm, çünki Rayanın şübhəli bir qız tanınması mənim özümü də şübhəli bir qız kimi tanıdacaqdır». Leyla yatağında düşündüyü zaman xidmətçi qadın içəri girərək vanna hazır olduğunu söylədi. ...O, vannadan çıxıb tualetini düzəltmiş, gəzmək libasını geymiş və Rayanı təqib üçün «Ərdəhan» hərbi gəmisinə getmək və Rayanın İvanovla olan sıx əlaqəsi haqqında bir şey öyrənməyi qərara almışdı. Qapı vuruldu, Leyla xidmətçi qadını çağıraraq: – Get qapıya, Sadovski cənablarından başqa kim olursa, «xanım xəstədir, heç kəsi qəbul etmir, tanışları qəbul etmək barəsində sabah qapıda elan yapışdırılacaqdır»—deyərsən. Bunsuz da Leyla xanım, qapının vuruluşundan, Sadovskinin gəldiyini hiss etmişdi. Xidmətçi getdikdə Leyla öz-özünə: «Bəli, yenə də çürük sevgi dastanlarını eşitməyə hazırlaşmalıyam»—dedi. Sadovski gül mağazası xidmətçisi çopur Arşak ilə bərabər içəri daxil oldu, eşik otağda, qəzetlərlə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. Sadovski əlini cibinə ataraq on manat pul çıxarıb Arşaka verdikdə o, bir pula, bir də Sadovskiyə baxıb: – A başına dönüm,—dedi,—indi bu pula nə verirlər? Bir girvənkə fındıq da verməzlər. Sadovski məsələni Leyla xanımın yanında dərinləşdirmək istəmədiyindən bir onluq da əlavə etdi. Çopur Arşak isə Sadovskini lazımi yerində yaxaladığından: – Bircə onluq da xanımın xatirinə ver,—dedikdə Sadovski ilan kimi qıvrılaraq heç bir söz demədən on manat da verdi. Sadovski hələ eşik otağda durmuşdu, çünki Leyla xanım, öz ziyarətinə gələnləri bir necə dəqiqə eşik otağda gözlətmədən və sustaltmadan qəbul etməzdi. Xidmətçi qadın Sadovskiyə yanaşaraq: – Xanım içəri otağa təşrif gətirmənizi rica edir,—dedikdə, Sadovski gül dəstələrini götürüb içəri otağa daxil oldu və onları Leyla xanımın ağ ipəklərdə titrəşən döşlərinə tərəf uzatdı. Leyla xanım gül dəstələrini qoxulayıb stolun üzərinə qoydu: – Mənə qarşı səmimiyyətiniz artıq bir fədakarlıq şəklini almışdır,—dedi,—zənnimcə ifrat dərəcəyə varan bu səmimiyyət başqalarında şübhə oyanmasına səbəb ola bilər. Sadovski heç utanmadan soruşdu: – Əcəba, başqaları bu şübhədə haqlımıdır? Leyla cavab verdi: – Əlbəttə haqlıdırlar, çünki sizin bu əlaqəniz, dostluqdan artıq, sevgi əlaqəsinə daha yaxındır. Siz bilməlisiniz ki, mən öz haqqımda, başqasının şübhəsini oyadan hərəkətlər etməmişəm, çünki mən Dehli şahzadəsi və İngiltərə kralının fəxri yaveri olan Bahadır xanın familiyasını daşımağa hazırlaşıram. Buna görə də mən və elə də siz, öz dostluğumuzu davam etdirərkən, çalışmalıyıq ki, beynəddüvəl bir ixtilaf çıxmasın. Sadovski özünü itirmədən Leyla xanıma bir sual verdi: – Əcəba, siz cənab Bahadır xanla ailə düzəltməyə söz verirkən, qəlbinizidəmi ona vermisiniz? – Qəlb veriləsi şey deyildir, səmimi bir söz kifayətdir. Zatən səmimi sözün özü də sevgi hisslərini bəsləyən bir qəlbin məhsuludur. Sadovski gül dəstələrindən başqa kiçik bir bağlama da gətirmişdi. O, bağlamanı açdıqda Leyla xanım gözünün ucu ilə ona baxır və əllərinin titrəməsinə qəlbən gülürdü. Nəhayət uzun həyəcan keçirdikdən sonra Sadovski bağlamanı açdı və onu Leyla xanıma göstərərək: – Əcəba, Leyla xanım mənim bu kiçik hədiyyəmi qəbul edəcəkdirmi?—dedi.—Bu hədiyyəm Leyla xanım üçün layiqsiz bir hədiyyə olsa da, onu təqdim edən zatın xanıma qarşı bəslədiyi hörmət olduqca böyükdür. Sadovski bu sözdən sonra yaşıl məxmər üzlü balaca qutunu açaraq 20 karatlıq brilyantlardan düzəldilmiş bir cüt sırğanı göstərib sözünə davam etdi: – Siz olduqca mədəni bir xanımsınız, zənnimcə böyük yalvarışlarla təqdim edilən kiçik arzuları rədd etməzsiniz. Leyla cavab verdi: – Buyurun, cənab Sadovski bununla nə demək istəyir? Sadovski: – Bu sırğaları, öz əlimlə gül yarpağından incə olan qulaqlarınıza asmaq arzusundayam,—dedikdə, Leyla xanım qəhqəhə ilə güldü: – Hərgah cənab Sadovski bununla maraqlanırsa, heç də mane deyiləm,—dedi. Sadovskinin bütün vücudu titrədi, nə edəcəyini bilmədi və Leyla xanımın qulaqlarındakı qiymətli zümrüd sırğaları çıxarıb brilyant sırğaları onun yerinə taxdı. Sadovski sırğaları Leyla xanımın qulaqlarına taxdıqdan sonra onun saçlarını kənar edərək üzündən öpmək istədikdə, dodaqları Leyla xanımın əlinin dalısına dəydi və belə bir səs eşitdi: – Siz hələ bu səlahiyyəti qazanmamışsınız. Bu səs Sadovskini sarsıtdı, o zərif sillə, menşevik rəhbərinin özünə məxsus şərəfsizliyini bir daha meydana çıxarmış oldu, o ağ dəsmal ilə üzünü silərkən, öz-özünə Leyla xanımın dediklərini təkrar elədi: «Siz hələ bu səlahiyyəti qazanmamışsınız». O, nə qədər özünü itirsə də, yenə onda gələcək üçün bir ümid oyanır və «səlahiyyət» qazanacağına əmin olurdu. O, yerində donmuşdu, nə kirpik çalır, nə də hərəkət etməyi bacarırdı. Leyla xanım isə qara gözlərinin ucu ilə baxaraq, onun çaşdığını, heç nə etmək və demək bacarmadığını, çıxılmaz bir vəziyyətdə qaldığını gördükdən sonra gülərək dedi: – Əcəba, siz mənim üçün sırğadan başqa bir hədiyyə düşünə bilməzdinizmi? Siz bu sırğaları, öz məğlub olmuş məqsədinizi həyata keçirmək üçünmü intixab etdiniz?! Sadovski, ancaq bu sözlərdən sonra göz qapaqlarını qaldırıb Leyla xanımın üzünə baxdı və onda bir təbəssüm əlaməti göründüyündən vəziyyətini dəyişdi. Onun qəlbi ani qorxu hasarlarını yıxaraq, əski əməllərin üzərinə qayıtdı, o öz üzünə dəyən sillənin hərarətini də menşeviklərə məxsus bir şərəfsizliklə unutmuş oldu. Sadovski öz-özünə: «Əcəba, onun nazik barmaqlarından aldığım zərbə mənim üçün bir səadət deyilmi,—dedi.—Əcəba, bu sillə sevimli bir qızın incə şıltağı deyilmi? Sevgi qarşısında duran hər bir kəs izzəti-nəfs və şərəf məsələsini əsas tuta bilərmi? Əlbəttə yox, əlbəttə yox!» Sadovski bu düşüncələrlə də Leyla xanıma yanaşmaq istəyirdi ki, nəhayət Leyla: – Siz mənə acıqlandınızmı? Doğrusunu buyurun, acıqlandınızmı?—deyərək əlini onun çiyninə qoydu. Sadovski xoş xəbər almış bir adam kimi: – Heç ola bilərmi ki,—dedi,—mən sizə acıqlanım? Haşa! Leyla xanım onun qoluna girərək qoltuqlu bir kürsüdə əyləşdirdi və əlləri ilə onun başını sığallayaraq soruşdu: – Mən sizə sual verdim ki: əcəba, siz nə məqsədlə sırğa hədiyyə gətirdiniz, başqa bir şey tapa bilmədinizmi. Leyla xanım bu sözü deyərək Sadovskinin qarşısında oturdu, Sadovski rahat bir nəfəs alaraq sözünə başladı: – Sizə başqa hədiyyələr də almaq mümkün idi, lakin mənim bütün arzularım həmin bu sırğalarda mərkəzləşmişdir, bu xoşbəxt sırğalar, məndən də əvvəl öz məqsədinə nail oldu. Bu sırğalar, sizin gül yarpağından daha zərif olan qulaqlarınızda oynadıqca mənim yalvarışlarım da sizin qulağınızda səslənəcəkdir. Leyla xanım Sadovskinin sözünü kəsərək: – Sizi anlayıram,—dedi,—lakin siz məni dinləyin, çünki kişilərin sevgi xüsusiyyətlərini qadın sevgisi ilə müqayisə etmək doğru deyil. Kişilər yalnız gözəl qadını sevir, onun zahiri görünüşünü bəyənir, onun başqa xüsusiyyətlərini öyrənməyə heç də əhəmiyyət vermirlər. Qadın belə deyildir, qadının xüsusiyyətləri onun libas modası kimi müxtəlifdir. Qadın gözəl və zəngin olmayan bir kişini də sevər, məsələn mənim özüm gənc olmayan, zəngin və gözəl də olmayan, ancaq iş adamı, bacarıqlı olan bir kişini sevə bilərəm. Sadovski bu sözlərdə özünü düzəldərək çox böyük bir iftixarla: – Əcəba, mən iş bacaran adam deyiləmmi?—dedi.—Siz mənim bolşeviklərlə apardığım mübarizəyə qiymət qoymursunuzmu? Siz əmin olun ki, sizi sevən Sadovski yaxında böyük bir hökumətin başında dura biləcəkdir. Leyla bu sözlərdən sonra: – Mən indi sizin iş adamı olduğunuzu təcrübədən keçirəcəyəm,—deyə Sadovskinin qabağına bir parça kağız və mürəkkəbqabı qoyub sözünə davam etdi: – Dediyimi yazınız! Sadovski: – Hazıram, buyurun!—dedikdə Leyla aşağıdakı məktubu diktə etməyə başladı: «Ənzəlidə Biçeraxov ərkani-hərb miralayı Nurəddin Savlayev cənablarına! Leyla xanım sizi, lazımınca tərif etməklə, mənim sizə qarşı olan səmimi hörmətimin bir daha yüksəlməsinə səbəb oldu. Sizin və bizim düşmənimiz birdir, buna görə də ümumi məsələlərdə sizinlə əlaqə saxlamağı lazım bildim. Bakını müdafiə işində iştirak etməyi qərara aldığınızı və bu barədə danışıq apardığınızı təbrik edirəm. Bu barədə menşevik, sağ eser və sağ daşnaqlar tərəfindən də sizi əmin edərək deyə bilərəm ki, sizin müvəffəq olmanız üçün qüvvəmizi əsirgəməyəcəyik. İkincisi də biz, sizin bolşeviklərə inanmadığımızı bilsək də, bir neçə söz əlavə etmək istərdik. Bolşeviklərə inanmayın, onlar sizdən müvəqqəti istifadə etmək istəyirlər. Buna görə sizə məsləhət görürük ki, siz, əlinizdə olan hərbi ləvazimatı Bakıya gətirməyəsiniz, çünki bolşeviklər haman şeyləri öz əllərinə aldıqdan sonra sizi istədikləri zaman tərk-silah etdirə biləcəklər. Onlar sizin ingilislərlə əlaqədə olduğunuzu gözəlcəsinə bilir, buna görə də sizdən ancaq müvəqqəti istifadə etmək istəyirlər. Türklərlə mübarizə fikrində olsanız, İrandan düz-doğru gəmilərə oturub Bakının əlli milliyində olan Alyat stansiyasına çıxmalısınız. Orada kiçik bir liman vardır ki, buradan siz hərb xəttinə də yaxın olacaq və eyni zamanda bir müvəffəqiyyətsizlik üz verirsə, Bakıya girmədən Şimali Qafqaza çəkilə biləcəksiniz. Hər halda bəzi ehtimallara qarşı ehtiyatkar olmaq lazımdır, çünki bolşevik cəbhəsindən qələbə gözləmək mümkün deyildir. Erməni qoşunları arasında olan ixtilafın özü də qələbə ümidlərini azaldır. Məndən və Leyla xanımdan cənab Biçeraxova salam yetirin. 10 iyun, 1918-ci il» Sadovski Sadovski məktubu bitirdikdən sonra soruşdu: – Məktubu mən özümmü göndərəcəyəm? Leyla cavab verdi: – Xeyr, sizin zəhmətinizə razı deyiləm. Sadovski yenicə getmişdi. Leyla soyunub yatmaq istərkən, onun xüsusi təbibi Yusifidis icazə istəyərək içəri girdi. O, bir neçə dəqiqə heç bir söz danışmadan oturub düşündü. Sonradan Leylaya sual verdi: – Xanım qız, yenə də xəstəmisiniz?—dedi.—Çünki axşamdan bəri neçə dəfə gəlib soruşdum, hamısında xidmətçi qadından «xanım xəstədir, heç kəsi qəbul etmir» cavabını aldım. Əcəba, bu xəstəlik sizdə çoxmu davam edəcəkdir? Leyla onun gözlərindəki şübhə əlamətini sezdikdən sonra: – Xəstə idim,—dedi,—özümü rahatsız hiss edirdim, şükür olsun ki, indi özümü bir az yüngül hiss edirəm. Bu sözlərdən sonra təbib onun müqabilində oturaraq nəbzini əlinə aldı və bir neçə an düşünməklə qaşqabağını turşutdu, saata baxdı və dedi: – Xəstəliyiniz sevgi xəstəliyidir. Qəlbiniz qeyri-adi çırpınır, barmaqlarımla nəbzinizin vuruşlarında da gizli bir sevginin səsini duyuram. Leyla xanım bu sözlərdən heç də halını pozmadı: – Lazımi qədər düşününüz. Bəlkə də o çırpıntılar sevgi deyil, qısqanclıq döyüntüləridir. Qısqanclıq döyüntüləri isə mənim qəlbimin deyil, sizin şübhəli qəlbinizin döyüntüləridir ki, qulaqlarınızda səslənməyə başlamışdır. Siz onu da bilməlisiniz ki, mən hələlik heç bir kəsi sevməmişəm, bunu sizə bir də təkrar etməyəcəyəm. Təbib Yusifidis acıqlandı, onun nəbzini buraxaraq: – Orqanizmdə müvazinət pozulduğu zaman insana xəstə deyilir. Sizdə də bu müvazinəti görə bilmirəm. Diliniz bir şey danışdığı halda qəlbiniz tamamilə başqa sahələrdə çırpınır. Sizdəki bu qeyri-adilik Sadovskiləri gördükdə daha da bariz bir şəkil alır. Zənnimcə bunun özü də bir cür xəstəlikdir ki, tibb dilində buna əxlaqi xəstəlik deyilir, bu xəstəlik xəstəliklərin ən dəhşətlisidir. Leyla xanımın tükləri biz-biz oldu, onun gözünün birisi xırdalandı və acıqlı halda dedi: – Mən, sevib-sevmədiyim haqqında heç bir kəsə hesabat verməyə hazırlaşmıram. Hesabat istəmək səlahiyyətini də kimsəyə verməmişəm. Sizin tibbi fəlsəfəniz isə qısqanclığı pərdələmək üçün bir başlanğıcdır. Leyla xanımın bu sözündən sonra Yusifidis özünü tikan üstündə oturmuş kimi hiss etdi. O, birdən-birə diksinərək ayağa qalxdı və soruşdu: – Bu nə deməkdir? Leyla: – Mən sizə məsləhət görürəm ki, yalnız öz vəzifəniz barəsində danışasınız, başqa məsələləri danışmaq üçün heç kəsə icazə vermirəm. Yusifidis: – Bu ixtiyar nə zamandan bəri məndən alınmışdır? Sadovskinin zəngin vədlərindən sonramı? Leyla yenə öz vüqarını pozmadı: – Mən bu icazəni sizə verməmişdim, geri almağıma da lüzum yoxdur. Sizin bəzi nəzakətdən xaric fəlsəfələrinizə etiraz etməyimə gəldikdə, o da mənim ədəb dairəsindən çıxmaq istəmədiyim və dostluq əlaqəsini saxlamaq arzumdan irəli gəlmişdir. Lakin bugünkü ifratınıza qarşı sükut etməyərək deməliyəm ki: mən Bakıya iş üçün gəlmişəm. Sevgi ilə maraqlanmıram. Mən bu sözləri sizinlə tanış olanda da demişəm. Bu sözlər Yusifidisi qane etmədi. O, cavab verdi: – Hərgah siz vəzifəyə girdiyimiz vaxt məsələni bu şəkildə qoysaydınız, bəlkə də mən nə siz təklif etdiyiniz vəzifəni, nə də sizin sevginizi qəbul edərdim. Lakin iş işdən keçmişdir. Hazırda mən, nəinki ingilislərə, hətta bolşeviklərə qarşı da xain çıxmışam, mənim gedəcək bir yerim də yoxdur. Buna görə də mən, sizin Sadovski ilə olan şübhəli əlaqənizə soyuqqanlılıqla baxa bilməyəcəyəm, çünki burada yalnız mənim sevgi məsələm deyil, şəxsi həyatımın təhlükə qarşısında qaldığı məsələsi də durur. Əzizim! Sevgi hər şeyə hakimdir. Mən sizi sevərək təklifinizi qəbul etdiyim kimi, siz də Sadovskini sevərək təklifini qəbul edər və bütün əsrarı ona aça bilərsiniz. O vaxt hər ikimizin vəziyyəti nə olar? Bizim varlığımız təhlükə altında qalmazmı? Sən özün bir düşün! Leyla qaşqabağını tökərək: – Siz məni lazımi qədər öyrənməlisiniz,—dedi,—bəlkə də öyrənmisiniz. Buna görə də sizə, özünüzü bir qədər ələ almanızı təvsiyə edirəm. Hər şey gələcəkdən asılıdır. Gələcəyi söyləmək doğru deyilsə də, mən sizə qələbə ümidlərini verirəm. Hər halda qısqançlıq böyük bir ixtilafın zəminəsidir. Siz iş və vəzifə naminə buna yol verməməlisiniz, ikimiz də gələcəyin qələbəsini təmin üçün çalışmalıyıq, sevgi hər şeydən sonradır. Cənab doktor, məni dinləyin. Qətiyyətli bir adam olmaq istəyənlər, hər sözünü qanun olaraq ağzından çıxaranlar, hətta öz dediklərinə inananlar, fəlsəfəçilikdən uzaqdırlar. Sevgi hissi din və məcburiyyətlə hesablaşan bir hiss deyildir. Siz nə dində olursunuz olun, mən yenə də sizi sevə bilərəm. Çünki sevgi din, məzhəb tanımır. Dinin və məzhəbin əsası çürükdür. Buna görə də sevgi onu asanlıqla yıxa bilər. Lakin sevgi məsləkin, vəzifənin qarşısında diz çökə bilər, çünki vəzifə qüdsiyyəti heç bir şeyə təslim olmaz. Mən də müqəddəs bir vəzifə daşıyıram, onu nə sənin, nə Sadovskinin, nə də başqalarının sevgisi yıxa bilər. Mən sizə gələcək vədini verməklə bərabər, bir daha qeyd etməliyəm ki, nə sizi, nə də başqasını öz üzərimdə hakim kimi tanımaq istəmirəm. Hərgah şəxsən siz hakim olmaq istəyirsinizsə, eyb etməz, öz taleyinizi imtahan edin! Baxaq kim kimi məhv edə bilər? Lakin mən sizə qarşı düşmən əlaqədə bulunmağı heç vaxt arzulamazdım. Leyla xanımın bu sözlərindən sonra təbib Yusifidis yenə də stulun üstündə oturdu və Leyla xanımın nəbzini tutaraq: – Əsəbiləşməyin,—dedi,—mən hər nə danışıramsa işimizin xatirəsi üçün danışıram, eyni zamanda sizin əqilli, iradəli, sağlam düşüncəli bir qız olduğunuzu da bilirəm. Lakin bunlar hamısı mənə Sadovski ilə olan əlaqənizə soyuqqanlılıqla baxmaq icazəsini vermir. Qısqanmaq xüsusiyyətinə malik olmayanlar, namus və qeyrət daşımaq qabiliyyətinə də malik ola bilməz. Mən bir yunanıstanlı olsam da, türk qızının əcnəbilərlə olan şübhəli əlaqəsinə soyuqqanlı baxa bilmərəm. Hər halda mənim varlığımda qısqançlığmı, namusmu, hər nə olursa-olsun özümdə təyin edə bilmədiyim bir qüvvə hökm sürməkdədir. Siz isə mənim əcnəbi olduğumu nəzərə alaraq sözlərimə əhəmiyyət vermək istəmirsiniz. Mənim sizə qarşı sıxı əlaqəm, özümə olan hörmət və əhəmiyyətin azalmasına səbəb olur. Hərgah mən, bir türk olsaydım, sizin yanınızda Sadovskilərdən alçaq mövqe tutmazdım. Yusifidis bu sözlərini dedikdən sonra bir neçə saniyə düşündü və yenə də öz-özünə: – Bilmirəm, bəlkə də nüfuzlu olmaq üçün ədəbsizlik, zənginlik və dini dəyişmək çox rol oynayırdı,—dedi. Leyla xanım yenə də sakit və soyuqqanlılıqla gülümsədi. – Əziz məsləkdaşım!—dedi.—Bunların heç birisi lazım deyildir. Sizdən nə zənginlik, nə də tərbiyəniz xilafına olan ədəbsizlik tələb olunur. Gəliniz biz ikimiz də, məsələnin həllini istiqbala tapşıraq, məsələ sevgi barəsindədirsə, mən sizi bir yunanıstanlı olduğunuz halda da sevə bilərəm. Bunların hamısı düzələsi işlərdir, indi siz stol başına çəkilərək dediklərimi Türkiyə ordusu komandanlığına yazınız. Təbib bu sözdə Leyla xanımın nəbzini buraxdı, lakin onun barmaqlarının yeri, Leyla xanımın incə biləklərində bir fındıq yeri qədər ləkə yaratmışdı. Yusifidis stol başına keçərək, Leyla xanımın dediklərini yazmağa başladı. «Möhtərəm əfəndim! Bolşeviklər süqut etmək üzrədir. Onlar nə qədər çalışqan, nə qədər çətinliklərə dözən, hətta aclığı nəzərə almayaraq mübarizə aparan bir qüvvə olsalar da, onlara qarşı qoyulan menşevik təbliğatı qalib gəlmək üzrədir. Menşeviklər Bakıda baş vermiş mart hadisəsinə tamamilə başqa rəng verməklə ona erməni-müsəlman qırğını və milli müharibə adı qoymağa müvəffəq olurlar. Bu təbliğat haman hadisənin Bakı burjuaziyası və Bakı proletariatı arasında gedən hökmranlıq mübarizəsi faktını pərdələməyə və Bakı xalqının gözündən əski asmağa çox kömək edir. Eser, menşevik, daşnaq rəhbərləri, xüsusən Rozenblyum, Nəccarov, İvanov, Kriçenko və sairlərinin təlaşı ilə hərbi donanmada da bolşeviklərə qarşı bir sui-qəsd hazırlanmaqdadır. Yerli xalqın bolşeviklərə qarşı qalxması işində əsir türk zabitlərinin də böyük xidməti vardır. Onların Şah məscidində azan dediyini və Quranı əllərində tutaraq: «Budur bizim programımız» söylədiyini görüncə, qara camaatın Türkiyə tərəfdarı olduğunu təyin etdim. Hazırkı Bakı, müxtəlif əqidələr meydanıdır. İttihadi-islam, türk ədəmi-mərkəziyyət, əhrar, müsavat və sair partiyaların təbliğatı qara camaatın fikrini qarışdırmışdır. Bolşeviklərin bu qədər qarma-qarışıq vəziyyəti düzəldəcəyinə ümid çox azdır. Çünki onlar, öz hökumətlərini bu qədər cərəyanlardan müdafiə edə bilməyəcəklər. Bolşeviklərlə olan razılaşma baş tutmadığından Biçeraxovun İranda olan dəstəsi, bu günlərdə doğrudan-doğruya cəbhəyə gələcəkdir. Biçeraxov Bakını türklərə qarşı, ingilislər üçün müdafiə etsə də, davamlı bir qüvvə deyildir. O, lazımi vaxtında cəbhəni başlı-başına buraxa bilər. Bu gün mən, Bakıda hökumət başında durmağa hazırlaşan rəhbərlərdən Sadovskinin Biçeraxova göndərmək üçün hazırladığı bir məktubu əldə etdim. Sadovski, Biçeraxovun Bakıya deyil, düz-doğru Alyat stansiyasına çıxaraq cəbhəyə girməsini məsləhət görmüşdür, çünki bolşeviklər Biçeraxovu Bakıya gətirmək və lazımi vaxtında tərk-silah etdirib buraxmaq fikrindədirlər. Biçeraxovla bərabər cəbhəyə ingilis zabitləri və ingilis zirehliləri də gətiriləcəkdir. Hələlik ingilislərin Biçeraxova verdiyi hərbi plan türk ordusunu Kür çayının körpüsündən bu tərəfə buraxmayaraq müdafiə halında durmaqdan ibarətdir. Çünki türklərin Bakıya hücumu dayandırıldıqda ingilislər də Bağdaddan yeni qüvvələr gətirə biləcəklər. Digər mühüm bir məsələ də Kiçikxan məsələsidir. Hələlik ingilislər onunla sülh edə bilməmişlər, onlar Qəzvin-Məncil, Məncil-Ənzəli arasındakı yolları təmizləmişsə də, Kiçikxanın Kəsmədakı baş qüvvələrinə zərbə vura bilməmişlər. Biçeraxov dəstəsinin Ənzəliyə gəlməsi də, Kiçikxan qüvvələrinin canlanmasına səbəb olmuşdur. Bu günlərdə ingilislərin «Rudbad» və «Rüstəmabad» tərəflərində yerləşən Kənd alayına hücum edilmiş və alay komandanı kapitan Derford öldürülmüşdür. Buna görə də, ingilislərin Bakıya gəlməsi çox uzun çəkəcəkdir. Bu şüarı erməni burjuaziyası, eləcə də müsəlman burjuaziyası müdafiə edir, çünki bütün əmlakın, xüsusən neft mədənlərinin milliləşdirilməsi məsələsi qalxandan bəri, onsuz da milli məsələyə bir alət kimi baxan burjuaziya, milli fərqi nəzərə almadan burjuaziya birliyi yaratmaq və bununla da bolşeviklərdən qurtarmaq çarəsini düşünməkdədir. Mən iki gün əvvəl hərbi donanmada bolşeviklərə qarşı mübarizə cəbhəsi düzəltməkdə olan İvanovun portfelini yoxladım. Orada bolşeviklərə qarşı mühüm bir sui-qəsd hazırlandığı haqqında sənədlər gördüm. Bu sui-qəsd baş tutarsa, hökumət təbəddulatı şübhəsizdir. 11-ci nömrə». * * * V. «Ərdəhan» gəmisində «Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı. Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi. Axşam qaranlığından istifadə ilə öpüşən dalğalar özünü çox da azad hiss etmirdi; zira onların başı üzərində duran dəniz fanarları gözünü açaraq dalğaların rəqsan qızını güdürdü. Sönmüş ayın saralmış saçaqları dənizə sallanarkən, İvanov da Rayanın əlini tumarlayaraq: – Aya baxınız!—dedi.—O sizə baxır, onun çöhrəsində görünən sarı ləkələr də sizin qıvrım saçlarınızın kölgəsidir, o saçlar yalnız mənim deyil, bütün gecələrə hakim olan ayın da boynuna sarılmışdır. Lakin sizi aya bənzətmək də doğru deyildir, çünki o müvəqqəti, siz isə daimisiniz. Ay günəşdən qaçırkən siz, günəşə meydan oxuyur və üzünüzdən öpmək istəyən şəfəqlərə belə nazlanırsınız. Doğrudan da insan bir sizə, bir də aya baxdıqda şair olmaq istəyir, lakin mən... İvanov burada sözünün gerisini söyləyə bilmədi. Raya isə əlini onun əlinə vuraraq: – Mən sizin,—dedi, şairanə düşüncələrdə çırpınmağınıza icazə vermirəm. Şer incə və fövqəltəbii bir düşüncə olsa da, mən yenə də onda bir xülyapərvərlik rəngi duyuram. Şer, bir fikri bədii şəkildə ifadə etmək üçün nə qədər yararsa, eyni fikri geniş bir şəkildə ifadə etməyə mane olur. Bir də şer həyatı oxumaqdan yorulanlar üçündür. Biz hələ gənçik, həyatı orijinal və real bir şəkildə oxuya bilərik. Mən şəxsən real bir həyatı dekadentizm və rəmz üsullarına tabe etməyin əleyhinəyəm. Şer insanda həqiqətdən artıq şübhələr yarada bilər, çünki şer zatən təşbihatdan, obrazlardan ibarətdir ki, bu da eynilə şübhədir. Şerdə təşbihçilik, gözəli aya, ayı gözələ bənzətmənin özü də, insanın fikrindəki qətiyyətsizlik və bir şeyə qəti ad verə bilməkdə savadsızlıqdan irəli gəlir. Çünki ay, yenə də aydır, gözəl bir qızın üzü də üzdür. Siz şair olmaq istəyirsinizsə, o zaman mənim üzümü hər kəsin tanıdığı aya bənzətməkdənsə, onu daha bədii bir kəlmə ilə ifadə etməlisiniz. İvanov bu sözdən sonra, üzünü Rayanın əllərinə qoyaraq: – Doğrudur!—dedi.—Doğrudur, mənim mələyim, sizi düşünməyim, fikrimdə də sizinlə əylənməyimin nəticəsidir ki, bir şair qədər xülyapərvər olmuşam. Hazırda mən də bəzi şairlər kimi göylərdə, üfüqlərdə, fövqəltəbii əlamətlərdə gəzir, gah da yerlərə düşərək rəhmsiz bir eşqin ayaqları altında əzilir və aciz qarıncalar kimi sürünürəm; lakin sizin kimi nadir bir şəxsiyyətlə oturduğumu xatırladıqca, şair oluram. Bütün Bakının həsrət duyğularını coşduran, quru bir salamla dünyaları minnətdar etməyə qadir olan bir qadın əllərini öpmək səadətinə nail olduqda mən özümü hər kəsdən yüksək, xoşbəxt və müqtədir sanıram. Lakin müəmmalı bir vəziyyət nəticəsində izlərkən, özümdən də aciz, özümdən də talesiz bir insan görə bilmirəm. Raya yenə də bu cümlələrə etiraz edərək: – Bu da şairlik xüsusiyyətidir,—dedi.—Elə şairlər var ki, heç vaxt adi bir həyatı, normal bir vəziyyəti sezməzlər, onlar ya göylərdə uçmalı, yainki yerlərdə sürünməlidirlər. Məncə, bu kimlər nəinki bir şair, hətta adi insanlar cərgəsində deyildir, çünki göydə uçmaq, yerlərdə sürünməkdənsə, kütlələrə qoşularaq ictimai həyatda iştirak etmək daha doğrudur. Çünki ictimai quruluşdan doğan bədii duyğuların hamısı şerdir. Siz də belə olmalısınız, həyatı müəmma şəklində anlayışdan çıxmalısınız. İvanov dedi: – Məni müəmmalara salan sizsiniz. Sizin icazəniz olmadan müəmmalardan qurtula bilməyəcək, qarma-qarışıq fikirlər içərisində çapalayacağam. Raya bu sözdən sonra qəti danışdı. – Mən sizə o icazəni verə bilməyəcəyəm, çünki azad deyiləm, mənim Tiq-Çonsona söz verdiyimi gözəlcəsinə bilirsiniz. Hələlik bizim tanışlığımız bu çərçivədən kənara çıxa bilməyəcəkdir. Hərgah bu sizi qane edirsə, mən mane deyiləm. İvanov: – Mən istiqbala ümid bağlaya bilərəmmi?—deyə soruşdu. Raya buna cavabla: – Heç kəsi istiqbaldan məhrum etmək olmaz. Hər kəsin istiqbalı vardır. Siz öz taleyinizi sınayın, mən buna imkan verirəm,—dedi. Qonaqlar gəlməyə başlamışdı. Sadovski Leyla xanımla, Ester isə Avetisovla gələrək Rayanı orada görürkən Leyla xanım: – Belə də lazımdır!—deyə onun İvanovla olan yaxın əlaqəsinə güldü. Saat on birdə qonaqlar çay stolunun başında toplanarkən, gəmi səyahətə yollandı. Xanımların ağ ipəkdən tikilmiş mantoları topların lülələri üzərinə salınarkən, gəmi də burnunu Nargin adasına doğru çevirib yürüyürdü. Leyla xanım Sadovski ilə bərabər gəminin burnunda durub sevgi söhbətlərini davam etdirərkən, Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. Raya mantosunu götürmək üçün topların kölgəsinə yanaşdı. O, mantosunu geydikdən sonra qayıtmaq istərkən topların maşını üzərinə qoyulan redikulları və portfelləri də nəzərdən keçirtdi. Leyla xanımın redikulu, həmişə olduğu kimi yenə də Rayada şübhə oyatdı. Raya onun redikulundan biri açılmış, ikincisi bağlı olan iki məktub götürdü. O, məktubları gizlətmək üçün yer aradı. Şübhəsiz ki, onları yanında saxlaya bilməyəcəkdi, buna görə də hər nə olursa-olsun, məktubları İvanovun portfelində gizlətdi. Çünki Leyla İvanovdan şübhələnsə belə, onun portfelini axtarmağa cəsarət etməzdi. Raya, Leylanı şübhələndirməmək üçün mantosunu yenə də çıxarıb əvvəlki yerindən asdı, İvanovun yanına qayıtdı. Raya qayıdıb səyahətçilərə qoşulduğu vaxt, hələ Sadovski ilə Leyla xanım gəminin burnunda başladıqları söhbətlərini bitirməmişdilər. Bir azdan sonra hamısı bir yerə toplandı və dəniz səyahətindən alınan nəşələrə dair ümumi və eyni zamanda bədii mübahisələr başladı. Əvvəlcə Ester, Bakı limanını üç tərəfdən qucan işıqları nəzərdən keçirərkən: – Baxınız!—dedi.—Hazırda bizim gəmimiz elektrik lampalarından düzəldilmiş bir at nalının içərisindədir. Leyla xanım stolun başından qalxaraq, limanın ətrafını gözdən keçirməklə: – Yox, Ester!—dedi.—Təşbihinizdə uyğunluq varsa da bədiilik yoxdur, çünki bədii olmayan obraz, obraz deyil təhrifdir. Bakı limanı, ətrafındakı işıqlar, at nalına deyil, hilala bənzəyir ki, biz də onun içərisindəki altı guşəli ulduzlarıq. Leyla bu sözləri deyərkən, Avetisov Esterlə, Leyla Sadovski ilə, Raya isə İvanovla bərabər durmuşdu. Raya gülümsəyərək: – Leyla xanım icazə versən, mən, bu təşbihə də etiraz edərdim,—dedi.—Mən təşbihatçı, hətta bir şair də olmaq istəmirəm. Lakin düşüncəni tam söyləmək və bir mənzərəni təhrifsiz ifadə etmək şairlik yox, həssaslıqdır. Bakı limanı nə ay, nə də at nalıdır. Bakı hazırda bolşevik şəhəridir. Limanın ətrafındakı işıqları isə diqqətlə nəzərdən keçirdikdə görünür ki, o, oraq və çəkic şəklindədir. Leyla: – Hələ tutaq,—dedi,—ətraf oraq şəklindədir. Çəkic buranın harasındadır? – Baxınız, Leyla xanım! Hazırda gəmimiz Nargin adasının yanından keçir, yaxşı baxınız, ada bir çəkic şəklində deyildirmi? Leyla başqa bir söz demək istəmədi, ancaq bir dəfə: – Yalnız Bakı deyil, bütün dünyanı nəzərdən keçirmiş olsaq, görə bilərik ki, hər kəs öz sevdiyi və öz düşündüyünü oxuyur,—dedi. Leylanın bu sözündən sonra İvanov etirazla yox, xatırlatmaq məqsədi ilə Leyla xanıma müraciət etdi: – Bağışlayarsınız, Leyla xanım, məncə Raya xanım nə bolşevikləri sevir, nə də onlara müsbət bir şəxsiyyət kimi baxır. Hərgah Bakı oraq və çəkicə bənzəyirsə, biz də onu hazırkı şəkildən çıxarmağa çalışarıq. Raya, Leylanın sözünə əhəmiyyət verməyə bilməzdi, çünki Leylanın ondan şübhələndiyini bilmişdi. Ona görə də onun bu çıxışına cavab vermək və qəti olaraq onu susdurmağı qərara aldı. – Hərgah mən,—dedi,—öz təşbihimdə Bakını oraq və çəkicə bənzətdimsə, hərgah mən bununla da bir bolşevik qız oldumsa, bəs Leyla xanımların təşbihi nəyi ifadə edir? «Hilal və altı guşəli ulduz, oraq və çəkic!» Bunların hər ikisini yan-yana qoyaraq müqayisə etdikdə, hər bir vicdanlı insan belə qərara gələ bilər: ay və ulduza sitayiş edən Qafqaz müsəlmanlarını müdafiə bəhanəsilə gələn və Bakını Almaniya imperialistlərinin əlinə vermək istəyən sultan ordusu, ay və ulduz nişanlı bayrağın kölgəsində yerimirmi? Leyla xanım öz təşbihində hilal ilə səlibin çarpışdığını, milyonlarca hilal daşıyanların məhv olduğunu xatırlamadımı? Mənə qalırsa nə Leyla hilalpərəstdir, nə də mən oraq və çəkic məftunuyam. Bunun üçün mən, cənab İvanovla olan söhbətimdə, şerdə təşbihat olduğu və təşbihatın da şübhələr, müəmmalar yarada biləcəyini qeyd etmişdim. Raya sözünü bitirdikdə, hamı əl çaldı, İvanov da bu çıxışdan böyük bir iftixara nail olduğunu qonaqlara hiss etdirdi. Leyla xanım da səhv etdiyini və Rayanın hazırcavab bir qız olduğunu yəqin elədi və dedi: – Rayanın dediklərinə şərik oluram, zatən bədii duyğular elə mürəkkəb bir şeydir ki, insan onun təsirində olduğu zaman, bəzən məfkurə və əqidə çərçivəsindən də kənara çıxmış olur. Bu nöqteyi-nəzərlə də mən, yolunu azmış və tənqidlərə məruz qalmış bir çox bədii ədəbiyyat xadimlərini xatırlayır və onların ifrat bədii təsir nəticəsində azdıqlarını anlayıram. Zənnimcə mən də bu təsirlə danışmışam. Raya onun zərbə yediyini görürkən, yenə də onun bədii obrazlara və bədii ədəbiyyat xadimlərinə aid yanlış fəlsəfəsinə soyuqqanlılıqla baxa bilməyərək dedi: – Mən, Leyla xanımın bədiiyyata dair nəzəriyyəsinə etiraz edəcəyəm. O deyir ki, «insan ifrat bədii təsir nəticəsində azıb əqidə və məfkurə çərçivəsindən də kənara çıxmış olur». Bu doğru fikir deyildir, çünki hər şəxsin bədii zövqü onun sinfi duyğusunun məhsuludur, insanın necə ki, bədii, elə də bütün zövqləri, onun sinfi məfkurəsinin inkişafı ilə yanaşı olaraq yüksəlir və genişlənir. Bunun üçün də bir şair və bir yazıçının sinfi şüuru yüksəldikcə, bədii duyğuları, bədii həyəcanları da inkişaf edir. Hərgah birisi bədii duyğuların yüksəlişini ifrat adlandırır və bununla da azğınları haqlı çıxarmaq istəyirsə, biz onun özünə də azğın adı verməliyik. Söhbətlər uzun çəkdi. Ayollo Leyla xanımın tamamilə məğlub olduğunu gördükdən sonra, məsələyə qarışaraq dedi: – Mən xanımların mübahisəli məsələlərini həll etmək istəyirəm. Bakı nə at nalı, nə hilal, nə də oraq-çəkicə bənzəyir. Bənzəyirsə, ancaq menşevik incə sənətinin lirasına bənzəyir. Saat birin yarısı idi, Sadovski «Ərdəhan» gəmisindəkilərə müraciətlə: – Ağalar, xanımlar!—dedi.—Biz, saat birdə cənab Araratyanın təşkil etdiyi ziyafətə getməliyik, zənnimcə səyahəti bitirmək vaxtı yetişmişdir. Gəmi körpüyə yanaşmaq istərkən Leyla xanım hamıdan əvvəl redikulunu götürmək və mantosunu geymək üçün toplara yanaşdı, o əvvəlcə redikulundakı məktubları xatırladı. Məktubları orada görmədi, mantosunun ciblərini aradı, yenə də tapa bilmədi. O, Rayanın redukulunu aradığı zaman Raya ona yanaşdı, Raya Leylaya bir şey hiss etdirməmək üçün dedi: – Zəhmət çəkməyin, Leyla xanım, mən mantomu özüm geyərəm, rica edirəm ki, məni utandırmayasınız. Leyla da özünə aldırmadan: – Yox, Raya, zəhmət deyil,—dedi,—mantonuzu geyiniz, hava sərindir. Siz çox tez soyuqlayırsınız. Raya mantosunu geydi. Sadovski də Leylanın mantosunu tutdu, birlikdə gəmidən çıxaraq, xanımları «Metropol» otelinə yola saldılar, çünki xanımlar ziyafətə getmək üçün libaslarını dəyişməli idilər. Leyla xanım məktublardan ümidini kəsməmişdi, o, faytonda «Metropol»a qayıdarkən öz-özünə deyirdi: «Bəlkə mən unutmuşam, bəlkə də məktubları mənzildə buraxmışam». Lakin bu fikirlər çox ümidsiz bir fikir idi. O, həmin məktubları mənzildə buraxmağa etibar etmədiyindən, özü ilə bərabər götürmüşdü. O, mənzilin qapısını açıb tələsik içəri soxuldu. Sadovski onunla bərabər içəri girmək istərkən Leyla xanım həyəcanlı bir səslə: – Salonda oturub məni gözləyin. Paltarımı dəyişməliyəm,—dedi. Mənzildə axtarmamış yer, aralığa tökməmiş şey buraxmadı. Zəngi çaldı, xidmətçi qadın gəldi. O, Yusifidisi çağırmağı tapşırdı. Bir neçə dəqiqədən sonra təbib Yusifidis içəri girdikdə Leyla xanımı təbii halında görmədi. O, özünü döyür, köynəyini parçalayır, iki əlli başına vurur və saçlarını yolurdu. Yusifidis çaşmış halda soruşdu: – Yahu, nə olubdur? Bu nə deməkdir? – Məhv oluruq. Yol göstər! Çarə düşün! – Söylə baxım!? Nə hadisə üz vermişdir? – Məktubları qeyb etmişəm. – Hansı məktubları? – Birisi Araratyanın qızına onun sevgilisi Vahan tərəfindən yazılmış məktub... – Cəhənnəm olsun! Nə əhəmiyyəti var? İkincisi hansıdır? – Osmanlı ordusunun ərkani-hərbinə göndərmək üçün yazdığımız məktub! Leyla bunları söylərkən, özünü döydüyü vaxt, Yusifidis də qorxulu bir düşüncəyə dalmışdı. O, başını qaldırıb Leyla xanıma daha bir sual verdi. – Əqilsiz, ehtiyatsız qız, indi söylə görüm, məktubları doğrudan da qeyb etdinmi? Leyla tutqun bir səslə dedi: – Daha doğrusu onları götürdülər. – Kim götürə bilər?!. – Orada menşevik, daşnaq, eser rəhbərləri vardı. Qadın, mən idim, Ester, bir də Raya idi. Mən bunların hər ikisindən şübhələnirəm. – Mən isə hər üçünüzdən şübhələnirəm, gərək öz taleyimi sənin taleyinə qoşmayaydım, mən bunu əvvəl də demişdim, lakin sənin möhkəm iradən, bacarığın məni öz düşüncəmə xain çıxardı. Zatən qadınlara siyasi sirlər tapşırmağın özü də əsasından yanlışdır, çünki gözəlliyi və qadınlığı səbəbinə özünü sevdirən və bununla da xalqın ürəyindən sirləri qapan bir qadının özü də bəzi təsadüflərdə sevir və öz qəlbini casuslara vermiş olur. Sən də elə qadınlardansan, sənin Sadovski ilə olan əlaqən, çoxdan bəri belə bir hadisəyə güman doğururdu. İndi isə bircə çarə vardır, o da məktubların kimin tərəfindən götürüldüyünü təyin etməkdən ibarətdir. Bunu təyin edə bilsək, o vaxt çarə düşünə bilərik. Sən bunu bacara bilərsənmi? Leyla çox acıqlandı, onun həyəcanları qəti bir əsəbiliyə çevrildi: – Sən bilirsən ki, mən bacararam,—dedi. – İndi ki, belədir, işə tez başlamalı və bunu tez öyrənməlisən. Hər halda qadınların birisi çalmışsa o məni qorxutmaz. Lakin daşnaqların bu sirləri bilməsi daha qorxuludur. – Mən də onlardan qorxuram. Sadovski məni heç bir zaman satmaz. O məni bir osmanlı casusu bilsə də, qəlbində mənə bəslədiyi sevgi hisslərini boğa bilməz. Yusifidis onun saçlarını sığallayaraq: – Çaşmaq daha çox şübhə oyadır. Ziyafətə getmək fikrin varsa, özünü sahmana sal, adi vəziyyətinə qayıtmağa çalış, baxaq tale nə göstərəcək. Yetər, dur geyin, Rayanı əski sevgi ilə qarşılamalısan. Araratyanın qızına şübhəm azdır. O qızın siyasi düşüncəsi zəifdir. Hazırda o yalnız öz həyatını düşünür. Hamazasb və Avetisovun əlindən xilas olmaq fikri, onu hər şeydən artıq məşğul edir. Leyla xanım libasını dəyişərək ziyafətə birlikdə getmək üçün Rayanın mənzilinə girdi, onu öz yatağında gördü və tələsik soruşdu: – Aman, sənə nə oldu? Xəstələndinmi? – Bəli, Leyla, soyuqlamışam, dəniz səyahətində çox ehtiyatsızlıq göstərdim. – Əcəba, sən cənab Araratyanın ziyafətinə getməyəcəksənmi?! – Bu vəziyyətlə gedə bilərəmmi? Leyla bir söz demədən ona şübhəli nəzərlərlə baxdı, bu ani xəstəliyin yeni bir tədbirə başlanğıc olduğunu hiss etdi. Rayanın məktublar məsələsi ilə əlaqədar olduğunu yəqin elədi. Lakin nə edə bilərdi? O, istər-istəməz Raya ilə vidalaşaraq, getmək istərkən İvanovu Rayadan ayırmağı arzuladı və ona müraciətlə: – Elə isə, cənab İvanov, biz gedək,—dedi.—Raya xanım da bir az rahat olsun. Raya etiraz edərək dedi: – Xeyr! Mən hələ cənab İvanovu buraxmayacağam, o yanımda oturmalıdır. Mən icazə verdiyim zaman gedə bilər. Siz gedin, bunu gözləməyə lüzum yoxdur. Rayanın bu qəti qərarından sonra Leyla acığından dilini dişlədi, çünki o, Rayanın mühüm bir iş başlamaq istədiyini bilməmiş deyildi. O, öz-özünə: – Eyb etməz, səni elə məhv edərəm ki, adın da çəkilməz,—deyərək Rayanı könülsüz öpdü və ayrıldı. İvanov Rayanın incə barmaqlarını öpərək: – Getmirəm, mənim ruhum,—dedi,—siz icazə verməyincə heç bir yerə hərəkət etmərəm, nə üçün gedim? Orada ruhumu oxşayan bir vasitəmi var? Raya onun əlini sıxaraq acıqlı danışdı. – Əcəba, Leyla kimi gözəl bir qız, ruhunuzu oxşaya bilməzmi? Siz bu günkü ziyafətdə gözünüzü onun dodaqlarından götürmək istəmirdiniz. Məni xəstələndirən, əsəbiləşdirən, sizin elə hərəkətləriniz deyilmi? Mən sizi xəbərdar edirəm: bir də Leyla ilə sizi sıxı və səmimi əlaqədə görsəm, Leylanı da, özümü də məhv edəcəyəm! İvanov özünü itirdi: – Aman, mən nə etdim,—dedi,—allahı sevirsiniz, mənim mələyim, qısqanmayın! Mən hara baxsam sizi görürəm, qəlbim sizin üçün çırpınır, mənə inanın, mən sizə bəslədiyim sevgiyə sadiqəm. İvanov bunları dedikdə Raya da yorğanı başına çəkib ağlayır və sakit olmaq istəmirdi. İvanov sözünə davam etdi: – Mən dünyada, sizin səsinizi eşitmək üçün yaşayıram, mən dünya işığını, ancaq sizin mavi gözlərinizdə görürəm. Doğrudur, Leyla gözəldir, lakin o mənim ruhumu oxşamağı, qəlbimi çırpındırmağı bacarmaz, bir də, onun bir əli Hindistan şahzadəsi Bahadır xanın, digər əli Sadovskinin əlindədir. Bunlardan hansının xoşbəxt olacağı naməlumdur. Ester də elədir, onun bir əli Hamazasbın, bir əli də Avetisovun qolundadır. Lakin mən bilirəm ki, siz başqalarına bağlı deyilsiniz, mən bilirəm ki, siz Tiq-Çonsonu da sevmirsiniz. Raya: – Siz bunu haradan bilirsiniz?—dedi. İvanov bir az düşünərək: – Gözəl qızın acığı tutmazsa, haradan bildiyimi açıq söyləyə bilərəm,—dedi. Raya dedi: – Sizə and içirəm, acığlanmaram. İvanov onun saçlarını düzəldərək. – Siz Tiq-Çonsona məktub yazmışdınız, mən onu stolun üzərində gördüm, bu sözləri oxudum: «Fərqi yoxdur, biz evlənsək də uzun zaman davam edə bilməyəcik. Çünki mən İngiltərəyə getməyəcəyəm, sən də Şimali Qafqazda qalmayacaqsan». Raya dedi: – Doğrudur, mən o cümləni ancaq bir hadisədən sonra yazdım. İvanov: – Hansı hadisədən sonra?—deyə soruşdu. Raya: – Hər sözü dildə deməzlər,—dedi,—bir çox sirlər var ki, onu ancaq qəlbin çırpıntıları söylər. İndi gedə bilərsiniz. Ziyafətə gedin, cənab Araratyana məndən salam söyləyin. Lakin Leyla ilə danışmayacaqsınız! İvanov dedi. – Sizə and içirəm! O mənim qəlbimi heç vaxt fəth edə bilməz; zira qəlbimdə başqa sevgi üçün yer qalmamışdır. Orada yalnız siz, yenə də sizsiniz! – Elə isə gedin, lakin yenə də mənim yanıma qayıtmalısınız. – Gələcəyəm! İnanın, portfelimi də burada qoyuram. İvanovdan bir az sonra Raya yatağından qalxaraq qapını daldan kilidlədi, qəhqəhə ilə gülərək dedi: – Nə qədər səmimi sevgi? O da kimə? Ağılsızın birisinə! Portfeli maraqla açdı. Həftələrdən bəri bəslədiyi arzusuna nail olduğundan sevindi. Əvvəlcə Leylanın redikulundan götürüb, orada gizlətdiyi məktubları çıxartdı, onların biri türkcə, biri ermənicə yazıldığından heç bir şey anlaya bilmədi. «Eybi yoxdur, bu müəmmanı da həll edərəm» deyə məktubları gizlətdi. Raya portfeli stolun üstünə qoydu, içindəki materialları qarışdırmamaq üçün bir-bir götürüb kənara qoydu və nömrələrini başqa kağızlara yazıb iş qoluqlarının içinə atdı. Əvvəlcə kiçik bir iş qoluğunu götürüb açdı. Raya qoluğu açmadan sevinir, çoxdan bəri şübhələndiyi və öyrənmək istədiyi, hətta bunun üçün də nazını çəkdiyi bir simanın iç üzünü aydın edəcəyinə inanırdı. Qoluğu açdıqda, böyük bir sui-qəsd əlaməti gördü, özünü itirdi. Raya əvvəlcə yubanmadan portfeli götürüb Şaumyanın evinə aparmaq və onu bu sui-qəsddən xəbərdar etmək istədi. Lakin o, bu fikrindən çox tez döndü, vəsiqələrin surətini çıxarmağı və İvanova ayıq salmağı qərara aldı. Portfeldə kiçik bir dəvətnamə vardı. Burada işçi və cəbhəçilər nümayəndələri Xəzər hərbi donanmasının ümumi iclasına dəvət edilirdi. Digər müraciətnamədə, bulvarda çağırılacaq mitinqi müdafiə üçün cəbhəçilərdən silahlı qüvvə tələb olunurdu. Raya hər iki vəsiqənin surətini çıxartdı. Daha bir maraqlı vəsiqə gördü. Bu vəsiqə Şaumyanın təcili surətdə həbs edilməsi üçün verilən əmr idi. Digər bir vəsiqədə isə şəhərdə hərbi və əskəri idarə elan edilməsi yazılmışdı. Raya bu vəsiqələrlə, İvanov və Kriçenkonun böyük bir sui-qəsd hazırladığını müəyyən etdi. Raya əldə etdiyi bu vəsiqələrdən anladı ki, İvanov Bakı Kommunasını yıxmaq üçün görülən hazırlıq işində qəti rol oynayır. Raya qoluqdakı vəsiqələrdən bir qisminin surətini çıxartdı, qalanlarının isə nömrəsini yazdıqdan sonra çarpayı döşəyinin içində gizlədi. Raya qoluğu portfelə qoyub yenə yatağına uzandı və Şaumyanı görmək üçün ürəyində plan düzəltməyə başladı. Qapı döyüldü. – Açıqdır,—deyə Raya səslədikdə, İvanov daxil oldu və soruşdu: – Mənim ruhum! Səhhətiniz necədir, tərlədinizmi? Raya nazlanaraq: – Siz gəlməmişdən,—dedi,—xəstə idim, özümü çox pis hiss edirdim, hətta telefonla, sizi doktorun evindən çağırmaq istəyirdim, lakin sizi görürkən bütün xəstəlikləri, kədər və qüssələri unutdum. Oturun, ruhum! Sizinlə əylənirkən, özümü rahat və zövqverici aləmlərdə hiss edirəm. Oturun! Bir neçə saat məni məşğul edin. Bilirəm ki, işıqlanana qədər yata bilməyəcəyəm. Mən sizinlə bərabər olmaq istəyirəm, bilmirəm bu qiymətli arzuma çata biləcəyəmmi? İvanov sevinərək: – O sizdən asılıdır,—dedikdə Raya bir daha nazlanaraq dedi: – Rica edirəm, məni bir daha «siz» deyə çağırmayın, çünki «siz» kəlməsində bir uzaqlıq vardır. Rayanın bu sözü ilə İvanovun gözlərindən ilk sevinc damlaları düşdü. Raya onun saçlarını tumarlayaraq dedi: – Mənim ruhum, buna heç də lüzum yoxdur. Mən səninkiyəm. Onunla, o sevgi hiss etməyən ingilislə yaşamayacağam. Əmin ol ki, yaxında biz, həyatımızın ikinci dövrünə keçmək üçün səhifələrini yazacağıq. Bir neçə günədək səhhətim düzələr. Əmin ol ki, səni bir daha yalvartmayacağam. Madam ki, biz bir-birimizi sevirik, bir halda ki, ikimiz də gənc və azadıq, qeyri-müəyyən bir vəziyyətdə davam etməyin heç mənası yoxdur. Ancaq siz, bir neçə gün mənə möhlət verməlisiniz. İndi gedin, mən də rahat olmalıyam. Raya son sözünü dedikdə, dan ulduzu Nargin adasının dalından boylanır, Rayanın mavi gözləri kimi parlayırdı. * * * VI. Neft sənayesi milliləşir Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı. Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər. Xəbər yayırlardı ki, Moskvada bu məsələ qəbul edilməmişdir. O biri tərəfdən mədənlərdən lazımi materiallar oğurlanır, kassalarda olan pullar saxta vəsiqələrlə alınırdı. Mədən sahibləri mədənləri pozub-dağıtmaqla bolşeviklərin nefti idarə işini çətinləşdirirdi. Mədən müdirləri, inzibat işçiləri də bu xəyanətlərdə iştirak edirdilər. Bütün bu xəyanət işlərinə, neft burjuaziyası nümayəndəsi Takianosov başçılıq edirdi. O, Moskvadakı tərəfdarları ilə də əlaqə saxlayırdı. Lakin bunlara baxmayaraq, onun özü də məsələnin bolşeviklər lehinə həll ediləcəyinə inanırdı. Erməni neft burjuaziyası, xarici neft nümayəndələrinə nisbətən daha rahatsızdı. Onlar Takianosovun Moskvadan aldığı əsassız məktublarla hamıdan artıq maraqlanırdılar. Bu gün yenə də Takianosovun Moskvadan aldığı bir məktub oxunacaq idi. Məktub, erməni burjuaziyasının hökumət orqanı sayılan erməni milli soveti üzvlərindən doktor Araratyanın düzəltdiyi ziyafətdə oxunmalı idi, çünki bolşeviklərin dekreti ilə milli sovet ləğv edildiyi üçün, milli sovetin iclasları ancaq «ziyafət» pərdəsi altında çağırılırdı. Rəsmən ləğv edildiyinə baxmayaraq, milli sovet erməni burjuaziyasına olan xidmətini aktiv surətdə davam etdirir və bolşeviklərə qarşı xəyanət hazırlamaqdan geri qalmırdı. Bu gecə saat on ikidə doktor Araratyanın evindəki ziyafət, neft məsələsinin müzakirəsi üçün çağırılan iclasdan ibarətdi. Araratyanın qızı Ester, Leyla xanımı və Raya xanımı ziyafətə gətirmək üçün «Metropol» otelinə getməyə hazırlaşırdı. O, axşam saat doqquzda küçədə fayton gözləyirdi. Onun qarşısından orta boylu, yoğun gövdəli bir işçi ötürdü. Ester nədənsə işçini izləməyə başladı. İşçi uzaqlaşdıqca Ester də ona yaxınlaşmağa tələsirdi. Axşam qaranlığı Esterə mane ola bilmirdi. Ester yanğın dəstəsi binasının dalında dayandı və öz-özünə sual verdi: «Mən hara gedirəm? Bu kimdir? Əcəba, burada bir hadisə üz versə, atama nə cavab verəcəyəm?» Ester dayandı, işçi də dayandı. Heç birindən səs çıxmırdı, nəhayət Ester özünə cürət verərək bir neçə qədəm irəlilədi. İşçi də bir neçə qədəm ondan uzaqlaşdı. O sanki Esterin kölgəsi idi. Ester geri qayıtmaq istərkən, bir səs eşitdi. – Ester, qorxma, dayan! Bu səs Vahanın səsinə bənzəyirdi. Ester titrək səslə. – Vahan, sənsənmi?—deyə soruşdu. – Ester, irəli gəl, Vahandır, qorxdunmu?—deyə Vahan onu səslədi. Vahan bir neçə qədəm geri qayıtdı, Ester irəlilədi, dörd qol birdən açıldı, dörd dodaq biri digəri üzərində titrəməyə, iki qəlbin çırpıntısı bir-birini dinləməyə başladı, bu zaman dörd qara gözün daraq kimi kirpikləri də bir-birinə qarşı durduqda kimin gözlərindənsə bir qətrə yaş düşdü. Ester ağlayıcı bir səslə dedi: – Mən nə üçün qaraltını təqib etdim? Çünki o qaraltı ilə keçirdiyim xoş günlərin bütün tabloları gəlib gözümün qarşısından keçdi, sanki mən səni təqib edərkən, bir daha uşaqlığın unudulmaz və səadətli günlərinin qoynuna atıldım. Lakin sənin uzaqlaşmağa tələsməyin, mənim ümidlərimi qırdı, o uşaqlığın bir daha qayıtmayacağını hiss etdirdi. Vahan onun saçlarını oxşayaraq dedi: – Gəl, qorxma, həyatdan ümidini kəsmə. Sən məni dinləsən, biz, o uşaqlıqdan daha şən həyat qura biləcəyik. Ester ağlayaraq: – Çox çətindir. Mən iki cəlladın arasında qalmışam; atam məni onlardan birisinə satmağa çalışır, çünki, onsuz yaşaya bilməz. Atam yalnız onlara arxalanır,—dedi və başını Vahanın çiyninə qoydu. Vahan yavaşdan dedi: – Sata bilməz! Sən sözünün üstündə dursan, o səni satmağı bacarmaz. Sən məni dinlə: əvvəlcə Hamazasbı rədd etməlisən, çünki onların hər ikisini birdən rədd etmiş olsan, atan yenə də mənimlə olan əlaqəndən şübhə edəcəkdir. Əvvəlcə Hamazasbı atmış olsan, Avetisovun özü də bu barədə sizə kömək edər. Hamazasb da onun qorxusundan səsini çıxara bilməz. Hamazasb aralıqdan çıxandan sonra, Avetisovu rədd etmək mümkündür. Çünki o, bir qızdan ötrü ixtilaf törətməyi və işi silah gücü ilə həll etməyi bacarmaz. O vaxta qədər mən də işlərimi düzəldərəm, otaq taparam, bəzi şeylər də alaram. Anamı gətirib bacımın yanında qoymuşam, özüm isə ümumi işçi mənzilindəyəm, yaxın vaxtlarda mənə otaq verəcəklər, səni də köçürüb ora apararam. Ester Vahana belə bir sual verdi: – Onlar səni öldürməzlərmi? – Mənə heç bir şey edə bilməzlər. Onların ömrü çox azdır. Təşkilatları da köhnəlmiş, əsasən çürümüş və nüfuzdan düşmüşdür. Bizim bolşevik təşkilatı isə sağlamdır. Geniş kütlələr bizim təşkilatın ətrafında toplanmışdır. İndi işimiz yaxşı deyilsə, düşmənlərimiz süni aclıq yaratmışsa, bu çətinliyin ömrü çox azdır, tezliklə biz yenə də qalib çıxacağıq. Ester bu sözlərdən sonra bir az düşünərək Vahana müraciət elədi: – Vahan, sən istəsən, mən o çirkabın içərisindən çox tez çıxa bilərəm. – Əcəba, mən bu səadəti sənə vermək istəmirəmmi? – Sən istəsən də həyat buna yol vermir. Çünki yoxsulsan, işləri düzəldə bilmirsən, sözümə baxsan işlər çox tez düzələr. Al bu inci boyunbağını, saatımı, üzükləri, apar sat, hər bir işini düzəlt, bunlar mənim nəyimə lazımdır. Mən bütün bunları atamın tapşırığına görə daşımaq məcburiyyətindəyəm, o məni bəzədib gündə birisinə bəyəndirmək və özünə nüfuz qazanmağa çalışır. Vahan Esteri sakit edərək: – Yox, Ester!—dedi.—Mən bu təklifə heç vaxt razı ola bilmərəm, çünki mən bu şeyləri səndən qəbul etsəm, sənin atan məni oğru deyə məhkəməyə də çəkə bilər, mənim sənə olan sevgimə, şəxsi mənfəət namı da verə bilər, bu isə bolşevik adını daşıyan bir işçi üçün böyük ləkədir. İndi ki, sənin özün müftəxorlar və istismarçılar həyatından nifrət edir və bizim içimizə gəlirsən, mən də özümüzə layiq bir həyat düzəltməyə, hətta yaxında düzəltməyə çalışaram. Ester dedi: – Mən heç bir şey istəmirəm, yalnız o xainlərin içərisindən çıxmaq və sevmədiyim adamlara satılmamaq, səninlə yaşamaq istəyirəm. Vahan, sənin özün uşaqlıqdan məni tanıyırsan. Bilirsən ki, təntənəfilan sevənlərdən deyiləm. Sən bilirsən ki, mənim daşnaqlardan da zəhləm gedir. Onları müdafiə edən Avetisov və Hamazasb kimiləri də görməyə gözüm yoxdur. Vahan, sənə and içirəm. Mənə inan, bu gecə evdən çıxıb qaçmağa hazırlaşırdım. Çünki yenə də o vəhşilər atam düzəltdiyi ziyafətə gələcəklər, mən bilirəm ki, Vahan, onlar sizin düşməninizdir. Bacarsalar bolşevikləri bir gündə məhv edərlər. Vahan əlini Esterin saçlarında gəzdirərək soruşdu: – Ester, doğrudan da sən bolşevikləri sevirsənmi? – Onları sevməmək mümkündürmü? Mən onların dediklərini eşidirəm, nitqlərinə qulaq asıram. Onlara mane olmasalar, onlar mənim sevdiyim yoxsullara nicat verə biləcəklər. O zaman biz də... Ester sözünün gerisini söyləmədi, utandı, Vahan isə onun sözünü davam etdirərək: – O zaman biz də azad yaşayacaq, uşaqlıqda keçirdiyimiz əziz günləri özümüzə qaytara biləcəyik. Ester, ancaq sən buna inan. Bolşeviklər məğlub ediləcək bir qüvvə deyil. Onların ordusu çox böyükdür. Onlar danışa-danışa Stanislavski küçədən Telefonnı küçəyə düşdükləri vaxt saat on bir idi. Ester faytona oturarkən Leylaya müraciətlə: – Heç də bu kimi ziyafətləri sevmirəm,—dedi,— bunların hamısı atamın uyğunsuz işləridir. O, bu işləri ilə özünü və özü kimilərini erməni xalqının rəhbəri etmək istəyir. Mənsə onları görmək istəmirəm. Leyla: – Kimi görmək istəmirsən?—deyə soruşduqda, Ester: – Hamazasbı, Avetisovu,—dedi,—çünki hər bir ziyafətdə bunlar da olurlar. Leylanın bu sözdən xoşu gəldi, o çoxdan bəri düşündüyü bir məsələnin həyata keçə biləcəyinə inandı və sevindi: – Hamazasbla yaşamağınızın tərəfdarı deyiləm,—dedi,—lakin Avetisov ziyalı və ədəbli bir adamdır, onunla yaşamağın tərəfdarıyam. Siz hər halda Hamazasbı rədd etməlisiniz, onun şəxsiyyəti mənə xoş gəlmir, o sizə layiq deyildir. Ester Leylanın bu sözlərində Vəhanın təvsiyələrini bir daha xatırlayaraq dedi: – Bu gecə, bu gecənin özündə Hamazasbı rədd edəcəyəm, ona heç əhəmiyyət verməyəcəyəm. Leyla bu sözdə onu qucaqlayıb öpdü və dedi: – Bax, sən indi ağıllı qızsan, bu barədə sənə bir kitabça söz dedim, şükür olsun ki, axırda müsbət bir nəticə verdi. Leyla və Ester içəri girdikdə, Araratyanın qonaqları da, yavaş-yavaş gələrək balkonda dolaşır və Leyla ilə Esterin intizarını çəkirdilər. Sadovski kimsəyə macal vermədən, Leyla xanımın qoluna girdi. İvanov Raya ilə birlikdə gələrək balkonda dolaşır, yenə də eşq dastanlarını təkrar etdirirdi. Ester isə gələn kimi öz otağına keçib tualetini düzəltməklə məşğul ikən, Hamazasb və Avetisov da gözlərini qapıya çevirib, Esteri cəzb etməyə hazırlaşırdılar. Ester balkona çıxarkən, Nəccarov Hamazasba yanaşaraq söhbətə başladığı üçün, Avetisov fürsətdən istifadə ilə Esterin qoluna girdi. Leyla sevindi, çünki bu gecə Hamazasbla Avetisov arasındakı ixtilaf qəti bir şəkil alacaq və bununla da cəbhədə türk ordusuna qarşı vuruşan qoşun rəhbərləri arasında pozğunluq törəyəcəkdi. Raya bu vəziyyətə göz qoymuşdu, o Leylanın burada mühüm bir rol oynadığını bilməmiş deyildi. O, nə olur-olsun gələcəkdə Esteri ələ almağı və onu Leylanın təsirindən qurtarmağı düşünürdü; o Leylanın şübhəli qız olduğunu yəqin etmişdi. Esterlə Avetisov Hamazasbın yanından keçərkən, Hamazasb varlığı ilə dəyişdi. Bir qədəm irəliləyib onların qarşısına keçmək istədi, cəsarət etməyərək qayıtdı. Hamazasb acıqla ziyafəti buraxıb getmək istərkən uzaqdan bu işə göz qoymuş Araratyan onu dayandıraraq dedi: – Bir az mədəni olmalısınız! Bu söz Hamazasbın həyəcanını yatıra bilmədi. Araratyan fürsət olduqca göz işarəsi verərək Esterin Avetisovdan ayrılıb Hamazasba yanaşmasına çalışdısa da buna nə Ester əhəmiyyət verdi, nə də Leyla imkan verdi. Leyla Esterin Avetisovdan ayrılmasına imkan verməmək üçün Esterin o biri qolundan tutaraq salonu dolaşırdı. Süfrə başında oturmaq zamanı çatmışdı. Qızların üçü də, tualetlərini düzəltmək üçün Esterin otağına keçdilər. Onlar otaqdan çıxarkən, Araratyanı qapıda gördülər. O, qızı Esterin qolundan tutaraq içəri qaytardı. Araratyan qızına nəsihətverici bir əda ilə dedi: – Mən sənə dəfələrlə demişəm! Yenə də deyirəm. Övlad həyatın gözəl bir məhsuludur. Atalar öz məhsulunun yaxşı və məqbul olmasını sevər. Lakin mən çox təəssüf edirəm ki, sən, bu məsələni heç nəzərə almırsan, sən mənə ağılar içirtməyə çalışırsan, sən mənim başımın uçalığını və nüfuzumun yüksəlməsini istəmirsən. Ester təhqir olunmuş kimi qızardı və: – Mən nə etmişəm? Sizə hansı ağıları içirtmişəm?—dedi.—Siz məndən nə tələb edirsiniz? Araratyan soruşdu: – Sən nə üçün mənim doğru fikrimin əleyhinə gedirsən? Sən bilirsən ki, partiya yıxılası partiyalardan deyil, sən bilirsən ki, bolşeviklər bu gün-sabah məhv olacaqdır. Partiyamız yenə partiyadır. İş belə ikən daşnaq partiyasının adi bir üzvü olmaqdansa onun başında durmaq daha yaxşıdır. Buna görə də sən, heç vaxt mənim arzularımın əleyhinə çalışmamalısan. Ester dedi: – Sizcə bir fikrin əleyhinə çıxmaq ağılar içirtməkdirmi? Əcəba, siz, gənc bir qızın arzuları əleyhinə çalışırkən, ona zəhər içirtdiyinizi düşünmürsünüzmü? – Qızı özbaşına buraxsan kəndirbaza, yaxud oyunbaza ərə gedər. Buna görə də, qızın xüsusi fikri əsas ola bilməz, ata və anası onun vəkilidir. Ester: – Mən heç vaxt buna razı olmayacaq və Hamazasbın arzusunu yerinə yetirməyəcəyəm,—dedikdə Araratyan: – Gələcək bunu tələb edir!—deyərək əlini stola çırpdı. Ester yenə də inad göstərərək: – Bir qızın gələcəyini məhv etməklə, gələcək uğrunda çalışan atalardan olmayın. Mən ölüncəyə qədər sizə nifrət edəcəyəm,—dedi,—Hamazasb əyyaşdır, qarınquludur, şərəfsizdir, mən toylara yaxasına gül taxıb oyun çıxaran bir adama getməyəcəyəm. O, qabadır, o, utanmadan mənim gözümün qabağında erməni saldatının üzünə sillə vurub anasını söyürdü. O, erməni xalqının düşmənidir o, həqiqi daşnaq olsa da mən ona nifrət bəsləyirəm. – Görünür ki, sən mənim nüfuzumu öldürməyə və məni məhv etməyə çalışırsan. Ester ağlayaraq: – Yardımsız bir qızın namusu hesabına yüksələn nüfuzu öldürmək lazımdır!—dedikdə Araratyan yenə əlini stola çırpdı. Onu vurmaq istədi, lakin əlini saxladı: – Kəs səsini, utanmaz!—deyə qapını çırpıb çıxdı. Leyla və Raya dəhlizdə durub Esteri gözləyirdi, Araratyan onlara müraciətlə: – Esterə acığlanmışam, rica edirəm, ikiniz də ona nəsihət verib salona gətirəsiniz!—dedikdə qızlar Esterin otağına girdilər. Ester divanın üstünə yıxılıb ağlayırdı. Raya onun saçlarını sığallayaraq: – Ağlamağa lüzum yoxdur, ata qıza acıqlanar da, ona nəvaziş edər də; qalxın saçlarınızı düzəldin, ziyafətin pozulmasına səbəb olmayın,—dedikdə Ester qollarını açaraq Rayanı qucaqladı və ağlayaraq dedi: – O mənim yetimliyimdən istifadə edir, məni Hamazasb kimi bir alçağa satmaq istəyir, mən onu görmək belə istəmirəm. Raya dedi: – Bu da tədrici olaraq vücuda gəldiyi kimi, tədriclə də ayrılmalısınız. Lakin mən, sizin bu gecəki hərəkətinizdən heç də razı qala bilmədim, birdən-birə Hamazasbı atıb, onun gözü qarşısında Avetisovun qoluna girmək, ona qarşı təhqiredici bir nümayişdir. Mən heç vaxt Hamazasbı, yaxud Avetisovu sizə layiq bir adam bilmirəm, bununla bərabər ayrılmağın da bir üsulu vardır; mən bu barədə sizinlə uzun-uzadı danışmalıyam. Rayadan sonra Leyla Esterə yanaşaraq dedi: – Ağıllı qızsan, Raya nə deyirsə desin, mən sənin bu günkü hərəkətini təqdir edirəm. Hər işdə bir qətilik lazımdır. Hamazasb kimi qaba adamlar, etinasızlığı duyub çəkilməz və aciz bir qızın yaxasını buraxmazlar. Raya daha bir söz danışmadı, çünki o, hələ bir neçə gün əvvəl, Leylanın Hamazasbla Avetisovun arasına ixtilaf salmaq istədiyini hiss edirdi. Ester, Leyla və Raya salona gəldikdə, qonaqların yemək stolu ətrafında dolaşdığını və xanımların intizarını çəkdiyini gördülər. Xanımlar əyləşdi. Ester Avetisovun qarşısında yer tutdu, Araratyan onu Hamazasbın yanında əyləşdirmək üçün o tərəf-bu tərəfə atıldısa da Leyla buna imkan verməyərək: – Ester öz yanımda oturmalıdır,—deyə onu öz yanına aldı. Ziyafətdə neft sənayesi burjuaziyası nümayəndələrindən Takianosov, Kusakov və Mantaşev qardaşlarından da iştirak edənlər vardı. Hamazasb stolbəyilikdən imtina edərək: – Mən artıq bu vəzifəni bitirmişəm;—dedi. Stolbəyilik Elçiyana tapşırıldı. Birinci qədəh Leylanın, ikincisi Esterin, üçüncü Raya, dördüncü qədəh isə «neft qəhrəmanı» Takianosovun şərəfinə qaldırıldı. Takianosov söz aldı, ehtiyatla və yavaşcadan danışdı: – Bolşeviklər neft sənayesini milliləşdirməklə böyük bir mədəniyyəti bərbad etmək istəyirlərsə, onlarla bərabər Moskvada mədəni, bacarıqlı və iş bilən adamlar da vardır. Ali xalq təsərrüfat sovetində oturan zatların arasında elə şüurlu şəxsiyyətlər vardır ki, onlar heç vaxt neftin milliləşdirilməsi məsələsinə razı olmazlar. Mən süfrə başında oturan ağaları qiymətli bir məktubla təbrik edirəm. Bu xəbər süfrə başında oturanlarda böyük şadlığa səbəb oldu. Qədəhlər yenidən dolduruldu, beşinci qədəh miralay Avetisovun şərəfinə idi. Hamı ayağa qalxdı, xəfif təbəssümlər saçan gözlər nəzakətlə Avetisova çevrildi. Leyla qədəhini götürüb ayağa qalxdıqda Esterin də qolundan tutub qaldırdı və Avetisovla qədəh-qədəhə vurmağa məcbur etdi. Ester qədəhini Avetisovun qədəhinə vururkən qeyri-adi bir çinkilti çıxdı. Bu səs, ordu rəhbəri Avetisovla Hamazasb arasında qəti bir şəkil almış ixtilafın elanı idi. Süfrə başında ani və nagəhani bir pozğunluq törədi, müdhiş bir hadisə nəticəsində adamlar dağılıb getdi. Stol başında kimsə yoxdu, ancaq Hamazasb, əlindəki qədəhi ağzına alıb çeynəyir, dodaqlarından axan qırmızı qan, yaxasındakı ağ gülün yarpaqlarını boyadıqdan sonra süfrəyə tökülürdü. Süfrə başında oturan rəhbərlər Moskvadan gələn məktubu oxumaq üçün qapandıqları otaqdan çıxıb getmişdilər. Doktor Araratyan, Esterin otağının qapısını vurduqda, belə bir səs eşidildi: – Bir daha Hamazasb adını çəksəniz, intihar edəcəyəm! * * * VII. Rayanın romanı Raya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona işləmək imkanı verilmirdi; onu bir tərəfdən Leyla, o biri tərəfdən də İvanov təqib edirdi. Bunlardan əvvəlincisi Rayadan şübhələndiyi, ikincisi isə Rayanı sevdiyi üçün onu gözdən qoymurdu. Son günlər, Leylanın Raya haqqındakı şübhəsi daha da artmışdı. O, yəqin etmişdi ki, itirdiyi məktubları Raya götürmüşdür. Leyla məktubları Rayanın mənzilindən təkrar götürmüşdü. Bütün bu məsələlər Rayanı düşündürürdü. O, İvanovun portfelindən götürdüyü vəsiqələri iki gün idi ki, Şaumyana yetirə bilməmişdi, çünki onu bir saat da sərbəst buraxmırdılar. Bu gecə İvanov hərbi donanmada iclasa gedəcək, gecə saat ikidə isə «Metropol»da Raya ilə görüşəcək və şam yeməyini birlikdə onunla yeyəcək idi. Bakı Sovetində iclas vardı, Raya iclasa getməli və orada Şaumyanı tapıb görüş təyin etməli idi. Bunun üçün də Raya Məlik-Elçiyan və Ayolloya müraciətlə: – Mən Bakı Sovetinin iclasına getmək istəyirəm,—demişdi. Raya, Məlik-Elçiyan və Ayollo ilə bərabər iclas salonuna girərkən, Şaumyan xitabət kürsüsündə danışırdı. Şaumyan danışdıqca, Raya saatına baxaraq tələsirdi, çünki o, ikinin yarısında «Metropol» otelində olmalı idi. Gecə keçir, İvanovun Şaumyana qarşı hazırladığı sui-qəsdin həyata keçirilməsi günü yaxınlaşırdı. Raya, İvanovun hərbi donanmada çağırdığı iclasdan da şübhələnirdi. Raya eşiyə çıxmışdı, yenə içəri qayıtdığda, Şaumyan hələ danışır və deyirdi: – Burada dedilər ki, Zaqafqaziyanın bütün bədbəxtliyi Brest-Litovsk müqaviləsindən sonra başladı. Menşeviklər ilə «müsavatın» bloku Brest müqaviləsindən sonramı düzəldi? Məgər menşeviklər, cəbhədən qayıdan əskəri eşelonları tərk-silah etdirib güllələmək icazəsini müsavatçılara bu müqavilədən sonramı verdilər? Bu siyasət çoxdan bəri hazırlanırdı. Uniaşvili seymdə «rus tərəfdarlığı irtica tərəfdarlığı deməkdir, buna görə də başqa bir tərəfdarlıq axtarmalıdır» sözünü əbəs yerə demirdi! Bunu müdafiə edən, Çxeidze «bolşeviklərlə əlbir olmaqdan türklərin qucağına girmək yaxşıdır» deyirdi. Bir adam ki, bu sözü söyləməyi münasib bilir, daha burada Brest müqaviləsinin nə təqsiri vardır? Raya yarım saatdan bəri «Astoriya» otelinin qarşısında dolaşır, avtomobil səsi gələn kimi qapıdan uzaqlaşırdı. Nəhayət, Şaumyanın maşını göründü. Şaumyan maşından düşüb içəri girdikdə Raya da daxil olmaq istədi. Qapıçı: – Şaumyanı yalnız öz idarəsində görmək olar!—deyə mane oldu. Raya: – Rica edirəm!—dedi.—Sabaha qalası məsələ deyildir. Gedin, özünə söyləyin, bəlkə də o, icazə verər. Qapıçı getdi, Rayanın isə ürəyi döyünürdü, o, «bəlkə də məni qəbul etmədi, onda necə olsun?» deyə düşünürdü. Qapıçı qayıdıb xoş xəbər gətirdi: – Buyura bilərsiniz!—dedi. Raya Şaumyanın iş otağına girdiyi zaman Şaumyan yazı stolunun başında oturub bir əli ilə oğlunun saçlarını darayır, o biri əli ilə isə qarşısındakı çayı qarışdırırdı. Şaumyan Rayanı gördükdə: – Oturun, vətəndaş!—deyərək stolun yanında qoyulmuş stulu göstərdi, sual verdi: – Sizə nə kimi xidmət edə bilərəm? Rayanın boğazı tutuldu, ağlamağa başladı və əlləri titrəyə-titrəyə redikulunda gizlətdiyi sənədləri çıxarıb Şaumyanın qarşısına qoydu. Şaumyan əvvəlcə hərbi donanmada çağırılan gizli iclasların stenoqramlarını gözdən keçirtdi, sonra da İvanovun düzəltdiyi sui-qəsdə dair materialları gördükdə təəccüblə ayağa qalxdı və evi dolaşdı. Şaumyan stulunda oturdu, Rayanı diqqətlə gözdən keçirərək: – Bəli, əhəmiyyətli sənədlərdir, sizə təşəkkür edirəm,—dedi, yenə də sənədləri yoxlamağa başladı. Raya Şaumyanı gördüyü və bolşeviklərə xeyirli bir xidmətdə bulunduğu üçün sevinirdi. Şaumyan yenə nəzərini Rayaya çevirib, onu diqqətlə sezdikdən sonra soruşdu: – Bakı kommunasının çətin günlərində, bizə yaxın gəlmisiniz, onun üçün də xidmətiniz mühümdür. Əcəba, siz bunları nə vasitə ilə əldə etdiniz? Raya: – Biz, «Metropol» otelində yaşamaqdayıq,—dedi,— İvanov, Sadovski, Ayollo bizimlə tanış oldu, onlar hər yerdə Sovet hökumətinin əleyhinə çıxışda bulunduqlarından mən, onları təqib etməyə başladım. Mən İvanovdan daha çox şübhələnirdim. Bunun üçün də onunla çox yaxınlaşdım, hətta mən ona, öz sevgisini elan edincəyə qədər azadlıq verdim. Nəhayət, iki gecə əvvəl portfelini aramağa imkan tapdım və həmin sənədləri əldə etdim... – Siz kimsiniz və nə iş görürsünüz? Danışın, mən sizinlə maraqlanıram. Raya öz sərgüzəştini belə başladı: – Dünya müharibəsi başlandıqda, Biçeraxovun dəstəsi təşkil olunurdu. Mən o zaman Şimali Qafqazda idim, hər iki qardaşım da Çornozubovun qol ordusu ilə İrana getmişdi. Onlardan heç bir xəbər yoxdu. Bu vaxt Biçeraxov ərkani-hərbində mənə makinavi və stenoqrafçı vəzifəsini təklif etdilər. Bu vəzifəni bir çoxları rədd etsə də mən qəbul etdim, çünki bununla yox olmuş qardaşlarımdan bir məlumat alacağımı düşünürdüm. Mən Biçeraxovun dəstəsi ilə Qızıl rübat və Şəhrəban şəhərlərinə qədər getdim. İngilislər bizim dəstənin Bağdadda girməsinə icazə vermədi. Rusiyada inqilab başlandığından general Baratovun ordusu kimi biz də Bağdad qapılarından Kirmanşaha qayıtdıq. 18-ci ilin fevralında ingilis missiyası da Bakıya yol açmaq üçün Kirmanşaha gəldi, orada Biçeraxov və onun qüvvələri ilə tanış oldu. Biz Kirmanşahda iki aydan artıq qaldıq, sonra Həmədana keçərək, Biçeraxov ingilislərlə müttəfiq hərəkət üçün müqavilə bağladı. Hələ bu vaxtlar Baratovun ordusu, Kirmanşah və Həmədan tərəflərini tərk etməmişdi. İngilislərin təklifinə görə, Biçeraxov, Baratov ordusundan bir sıra zabitləri xidmətə qəbul edirdi. Bu zabitlər Biçeraxov dəstəsindən olsalar da, Biçeraxovun öz dəstəsi ilə bərabər ingilis xidmətində sayılırdılar. Xidmətə qəbul edilənlərdən biri də, Vladimir Klimov adlı gənc rabitə zabiti idi. Burada Şaumyan Rayanın sözünü kəsərək soruşdu: – Vladimir haralı idi? – O Uzaq Şərqli idi. Öz dediyinə görə Sibirdə doğulmuş, Vladivostok şəhərində böyümüşdü. Cahan müharibəsi başlanırkən Vladimir Sibirdə 39-cu süvari alayına rabitə zabiti sifətilə səfərbər edilmiş və müharibənin əvvəllərində Qafqaza gəlmişdi. Raya danışırkən tez-tez dönüb divar saatına baxırdı, buna görə də Şaumyan: – Qızım, getməyə tələsirsinizmi?—deyə sual verdi. Raya cavab verdi: – Bəli, tələsirəm, çünki İvanov məni saat ikinin yarısında oteldə gözləyəcəkdir. Yenə də Şaumyan ona bir sual verdi: – Bundan sonra İvanovla görüşməyin nə lüzumu vardır? – Bu doğrudur, lakin gələcəkdə haqqımda şübhə oyatmaq istəmirəm. – Saat on iki olmamışdır. Getməyinizə vaxt çoxdur, rica edirəm, Vladimirin sərgüzəştlərini axıra qədər söyləyəsiniz! Raya sözünə davam etdi. – Vladimirin alayı da Sibir alayları ilə birlikdə Təbriz şəhərinə göndərildi. Bu vaxtlar rus qol ordusunun komandanı Çornozubov, Xəlil paşanın diviziyası ilə Urmi və Səlmas yollarında vuruşurdu. 39-cu Sibir alayı gəmilərlə Urmi gölündən keçərək, Xəlil paşanın arxasını kəsmək istərkən, Vladimir haman müharibədə rabitə zabiti sifətilə iştirak etmişdi. General Çornozubovun qol ordusu, Baratov ordusu ilə birləşirkən, Vladimir də Bağdad yaxınlığına qədər getmişdi. İnqilabdan sonra Baratov ordusu Bağdad tərəflərindən çəkildikdə, Vladimir «yerlərimiz şuluqdur, keçmək mümkün deyildir»—deyə Biçeraxovun dəstəsinə daxil oldu. Vladimir rabitə zabiti olduğu üçün, ərkani-hərbi iş otağına çox tez-tez gəlirdi. Mən makinədə yazı yazdıqda, o, sözlü adamlar kimi mənə baxırdı. İsanın təvəllüd gününə qədər bir çox dəfə mən işlədiyim otağa gəlmişdi. Nəhayət, həmin gecə verilən ziyafətdə, Vladimir iştirak edirdi və biz burada tanış olduq. Süfrə başında da bərabər oturduq. Birlikdə oynadıq da. Bu gecəki tanışlıq davam etdi. Onunla tez-tez görüşürdüm. O mənim yaşadığım evə də gəlir, məni əyləndirirdi. Vladimirin bir xatirat dəftəri vardır. O dəftər çox maraqlı, çox da dəhşətli idi. Orada bu müharibənin dəhşətləri, insanların nə qədər qiymətsiz, hətta toyuqdan da əhəmiyyətsiz bir şey sayıldığını və minlərcə insanın bir anda məhv edildiyini oxumaqla mən, müharibəyə və müharibəyə səbəb olanlara nifrət etməyə başlayırdım. Mən Vladimirin xatirat dəftərini oxuyarkən belə bir səhifəyə təsadüf etdim: «Biz Səlmas şəhərinə hücum edirdik. Günlərdən bəri davam edən müharibəyə baxmayaraq türkləri Səlmasdan çıxarmaq mümkün olmurdu. Türklərin ikinci hücumundan ruslar qaçmağa başladı. Türklər Kutçi gədiyinin başına qədər bizi təqib etdilər. Rusların Urmi gölündən keçən yeni alayları Xəlil paşa partiyasının arxasını kəsmək əmrini almışdı. Mən səhra telefon xəttini gözdən keçirirkən belə bir mənzərəyə təsadüf etdim. Yanaşı olaraq iki yaralı yıxılmışdı. Yaralılardan biri türk əskəri, digəri isə rus saldatı idi. Görünən əlamətlərdən, saldatın sürünüb əskərin yanına gəldiyi bəlli idi. Çünki süründükcə qanı yerdə iz salmışdı. Saldat su qabını əskərin ağzına söykəmişdi. Dəmir su qabı saldatın əlində, əskərin ağzında ilişib qalmış və onların hər ikisi bu vəziyyətdə can vermişdilər. Onların vəsiqələrini yoxladıqda birisinin diyar-bəkrli Həsən Nuri, digərinin isə Şimali Qafqazdan Vasili Naumov olduğu aydınlaşdı». Raya bunu söyləyərkən dəhşətlə ağladı və: – Vasili Naumov mənim bədbəxt qardaşım idi. Mən bu təsadüfü heç vaxt unutmayacağam, mən ölənə qədər müharibəyə nifrət bəsləyəcəyəm. Günlərin birində o, mənimlə evlənmək arzusunu söylədi. Etiraz etmədim, çünki ömrümdə Vladimir kimi simanı birinci dəfə görürdüm. Müharibə bitdikdən və hər ikimiz evimizə döndükdən sonra, ailə düzəltməyə söz vermişdik. Mən onun qəlbinin sirlər və həqiqətlərlə dolu olduğunu bilirdim, nə mən ondan bir söz soruşurdum, nə də o söyləyirdi. Lakin axşamlar mənzilimə gəldikdə, gündüz nə iş gördüyümü və makinədə nə yazdığımı soruşardı. Bir gün yenə mən Vladimirin xatirat dəftərini oxuyurdum. Bağdad yaxınlığından qayıdaraq, pulsuzluq üzündən Kirmanşahda qalan Baratov ordusu saldatlarından birinin Kirmanşah bazarında xəstələnib dilənçilik etməsi təsvir olunurdu. Doğrusu mən elə saldatları hər gün görsəm, buna adət etmiş olsam da ağladım. Bir dəfə istirahət günü olduğundan, Vladimirlə gəzməyə çıxmışdıq. Biz doğrudan da bazarda yüzlərcə dilənçi saldata rast gəlirdik, lakin bunlara heç bir şey verən yoxdu. Çünki bir neçə ay əvvəl Baratov ordusu müzəffər bir surətdə Kirmanşahdan keçərkən şəhər bazarını talayıb və yandırıb keçmişdi. Bizim yolumuz Baratov ordu hissələrinin mənzil etdiyi qədim bir karvansaraya düşdü; tövlə səkilərində yüzlərcə tif xəstəliyi tutmuş gənc saldatlar inildəyirdi. Biz başqa bir səkiyə yanaşdıqda orada da 20—30 nəfər xəstə çırpınırdı. Sanki dünyanı qaldırıb mənim başıma çırpdılar, zira mən kiçik qardaşım Mixayili də xəstələrin içində gördüm. Mən bayıldım, ayıldıqdan sonra qardaşımı görə bilmədim, o artıq ölmüşdü. Bu vəziyyət məni günlərcə düşündürdü, mən hər gün Vladimirlə görüşürkən, müharibə fəlakətlərindən söhbət açır və yazıq qardaşlarımı xatırlayıb ağlayırdım. Nəhayət, günün birində Vladimir mənim bu sözlərimə cavab olaraq: – Elə etməliyik ki, müharibə olmasın,—dedi. Sonra izah etdi:—Nə qədər ki, kapitalizm var, nə qədər ki, xüsusi mülkiyyət var və hakimiyyət kapitalistlərin əlindədir, müharibə və müharibə dəhşətləri labüddən olacaqdır. Müharibələrə nəhayət vermək üçün imperialistlərin hakimiyyətini devirməli, imperialist müharibəsini vətəndaş müharibəsinə çevirməli və bu müharibədə qələbə çalaraq, əməkçilərin hakimiyyətini qurmalı və möhkəmləndirməlidir. Əməkçilərin hakimiyyəti qurulduqdan və xüsusi mülkiyyət ləğv edildikdən sonra müharibə üçün heç bir zəmin və səbəb qalmayacaqdır. Rusiyada bolşeviklərin yapdıqları Oktyabr inqilabı bu yolla gedir. Bolşeviklərin rəhbəri böyük Lenin bizə bu yolu göstərir. Bu yolla getmək istəyirsənmi? Əməkçilər tərəfində kapitalistlərə, qan içənlərə, xalqa zülm edənlərə qarşı mübarizə etmək istəyirsənmi? – İstəyirəm,—dedim,—əlbəttə istəyirəm, lakin mən necə kömək edə bilərəm? Mən nə kimi vəzifələr ifa edə bilərəm?—dedikdə Vladimir dedi: – Sənin vəzifən hələlik Biçeraxov ərkani-hərbindəki bütün vəsiqələrin surətini çıxarmaqdan ibarət olacaqdır. Mən Vladimirin bütün fikirlərini qəbul etdim, hər gün işlərin surətini çıxarıb ona verməyə başladım. Raya bu sözləri dedikdə, Şaumyan onu ayağından başına qədər süzərək: – Götürdüyünüz gizli sənədləri hara göndərirdiniz?—dedi. Raya: – Haman sənədlər, sizə çatmaq üçün Ənzəlidə inqilab komitəsi sədri Çelyabin yoldaşa göndərilirdi,—dedikdə, Şaumyan: – Sizdən razıyıq,—dedi,—xidmətiniz təqdirəlayiqdir. İndi danışın görüm, yoldaşlarınız harada məhv oldu? Necə olub elə də danışın, hələ vaxtınıza yarım saat var. Raya sözünə davam edərək: – Mart ayının birinə qədər,—dedi,—Baratovun Kirmanşah və İraq hüdudlarındakı ordusu tamamilə Kirmanşaha yığışdı. Baratovun tərk etdiyi 250 millik böyük bir məsafəni İraq və İran hüdudundakı Xanəkeyn şəhərində duran ingilis qarnizonu işğal etdi, bunlar Stafford, Varviq və sair alaylarından ibarət idi. Baratov ingilislərdən pul alaraq Həmədana köçdükdən sonra, Biçeraxov da öz dəstəsini Həmədana köçürtdü. Biçeraxov mart ayının ortalarında nəqliyyatını təmir edərək Həmədandan keçməyə hazırlaşdıqda, ingilislər martın 23-də Biçeraxovla müqavilə bağladı. Biz müqavilənamənin gizli bir maddəsinin surətini çıxarıb Çelyabin yoldaşa göndərdik. O maddə ilə ingilislər, Şimali Qafqazda bolşeviklərə qarşı açdığı müharibəyə Biçeraxova kömək verəcəklərini öhdələrinə alırdılar. Onlar bunu, beş maddədən ibarət olan əsil müqavilədə göstərməmişdilər. Şaumyan Rayadan bir şey də soruşdu: – Vladimirin gizli imzası nə idi? Raya: – Nömrə beş,—deyə cavab verdi. Şaumyan: – Sözünüzə davam edin,—dedi. Raya danışdı: – Biz, martın 23-də Biçeraxovun Qəzvinə hücum etmək istədiyini yoldaş Çelyabinə xəbər vermişdik. Biz elə bilirdik ki, Kiçikxan Qəzvin şəhərini işğal ilə ingilislərin Bakı səfərinə mane ola biləcəkdir. Lakin bu düşünčəmiz fayda vermədi. Biçeraxov martın 24-də Həmədandan hücuma keçib, bir güllə də atmadan ayın 28-də Qəzvini işğal etdi. Biz Qəzvinə gələrkən özümüzə çox köməkçi tapdıq. Qəzvindəki məşhur «Fransa» oteli, bolşevik qərargahına dönmüşdü. Kiçikxanla da əlaqəyə girə bildik. Onun «Mənçil» çəbhəsini möhkəmlətməsinə yardım göstərdik və az zamanda Qəzvin-Ənzəli telefon xəttini əlimizə aldıq. İstədiyimiz vaxt Ənzəlidəki inqilabi komitə ilə danışırdıq. Qəzvin telefonxanasının rəisini də ələ aldıq. Bununla da biz ingilislərin və Biçeraxov ərkani-hərbinin bütün işlərini telefon vasitəsilə Ənzəliyə xəbər verirdik. Biçeraxovun yaveri və Qəzvin hərbi polisinin rəisi Savlayev Ənzəli ilə Qəzvin arasında telefon rabitəsi olduğunu bilsə də bu sirrin üstünü açmırdı. Nəhayət, günlərin birində, Savlayev əmr verdi ki, telefon rəisini həbs etsinlər. Savlayev maşına oturduğu vaxt, Vladimir telefonla rəisə xəbər verdi ki, o gizlənsin, Rəis tutulmadısa da Vladimirin müqəssir olduğunu təyin ilə həbs etdilər və Qəzvində güllələdilər! O, yenə ağladı. Şaumyan həyəcanla ayağa qalxıb dedi: – Əcəba, sizin özünüzdən şübhələndilərmi? Raya dedi: – Xeyr, həm Savlayev, həm də ingilis miralayı Tiq-Çonson məni sevir və mənə inanırdılar. Mən, haman ingilisin hesabına Bakıya gəlmişəm. Mümkün olursa Vladimirin yolunu davam etdirəcəyəm. Raya Şaumyanla vidalaşıb çıxdıqda, gecə saat bir olmuşdu. * * * VIII. Yerevandan məktub Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi. Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü. «Əziz dostum Vahan! Sənin dediklərinə əməl etdim. Dünən gecə bütün Bakı milyonçuları bizim evimizdə idi. Takianosov Moskvadan Ali Xalq Təsərrüfat Sovetindən aldığı məktubu oxudu, məktubdan anlaşıldığına görə neft sənayesinin milliləşməsi haqqında verilən dekretin ləğv ediləcəyi ehtimalı vardır. Vahan, Hamazasbdan yaxam qurtardı, ziyafətdə ona əhəmiyyət vermədiyimdən əlindəki şüşə qədəhi çeynədi. Çiyər yemiş köpək kimi ağzından qan axırdı. Atam məni təhdid etdisə də «intihar edəcəyəm» deyə onu sükuta məcbur etdim. Hələlik heç bir söz demir, çünki onun ümidi Avetisovadır. O, güman edir ki, mən Avetisovla yaşayacağam, Avetisov da Hamazasbın əvəzinə onu milli sovetə sədr keçirəcəkdir. Vahan, çalış ki, mən buradan tezliklə qurtara bilim. Vahan, atamın Yerevandan aldığı bir məktubu da sənə göndərirəm. Bəlkə o məktub sizə lazım oldu, görünür ki, atam və onun yoldaşları yeni xəyanət hazırlayırlar. Məktubu atamın portfelindən götürmüşəm». Leyla Yerevandan gəlmiş məktubu tələsik oxudu: «Möhtərəm doktor! Siz siyasətin dəyişdiyini bilməmiş deyilsiniz, hazırda Bakı ermənilərinin bolşeviklərlə birlikdə Türkiyə ordusu əleyhinə müharibədə iştirak etməsi yanlış bir xətti-hərəkətdir, çünki hələlik Türkiyə daxilində bir çox erməni yaşamaqdadır. Bu günkü gün ermənilərdən yenə də Türkiyə hökumət əzalığında olan, ali vəzifə daşıyan simalar, hətta nazirlər belə vardır. Türkiyə ordusunun ərkani-hərbində onlarca erməni zabitləri çalışmaqdadır. Əlbəttə, siz Bakı ermənilərini bu məsələ ətrafında hazırlamalısınız. Bu iş üçün Bakıya xüsusi nümayəndələr göndərməliyik. A. İ. Xatisov. M. Arutyunyan». Mənim ruhum Vahan! Belə görünür ki, sizin gələcəyiniz qorxuludur, daşnaqlar sizə xəyanət edirlər. Sabah axşam yenə də saat 8-də vağzalın dalısındakı yerdə duracağam. Səni sevən Ester. Bakı, 11 iyun, 1918-ci il» Leyla son məktubun surətini çıxartdıqdan sonra, Esterin məktubunu başqa bir paketə qoyub bağladı, məktubun surətini isə başqa bir paketə qoyaraq Türkiyə ərkani-hərbinə göndərmək üçün hazırladı. Leyla xanım bu sənədi ələ keçirdikdən sonra, stolun başında oturub Sadovskiyə məktub yazdı: «Möhtərəm cənab! Heç şübhə yoxdur ki, siz ayın səkkizindəki mübahisəmizdən incimisiniz. Bunun üçün də bəzi məsələləri sizə izah etmək istəyirəm. Siz bilirsiniz ki, mən, yüksək şöhrət sahibiyəm. Hətta İngiltərə kralı ailəsində tərbiyə tapmış Hindistan şahzadəsinin adını daşıyıram. Mən sizinlə ziyafət stolu başında bir oturur, sizinlə qol-qola verərək gəzir və əylənirəmsə bu, mənim sizə qarşı səmimi əlaqəmi göstərir. Mən bunu inkar etmirəm, sizi sevirəm, lakin bu sevgiyə cənab İvanovla Rayanın sevgisi kimi məna verilməməlidir. Çünki mənim sevgim tamamilə başqa bir sevgidir. Daha açığı, mədəni bir qadının, mədəni bir kişiyə bəslədiyi sevgidir. Mən bu təmiz sevgidən boyun qaçırmıram. Bunun üçün məni məzəmmət edən də olmaz. Lakin bizim hüdud xaricinə çıxmağa haqqımız yoxdur. Zənn edirəm ki, izahat üçün bu kifayətdir. Demək ki, biz barışdıq, axşam kiçik bir ziyafət düzəltmişik. Raya, İvanov, Ester və başqa tanışlar da iştirak edəcəklər. Saat on tamamda sizi döyünməkdə olan qəlbim və intizarlar içində üzən göz bəbəklərimlə gözləyəcəyəm. Sizi sevən Leyla. Bakı, 11 iyun». Leyla xanım məktubu bitirərək zərfin üstünü yazarkən, Ester ilə Raya içəri girdi. Axşamkı ziyafətin cədvəlini düzəltməyə başladılar. Cədvəldə mühüm yer tutan cürbəcür içkilər, qızların nəzərini cəlb etdi, buna görə də Leyla izahat verərək dedi: – Ziyafət salonda deyildir, öz otağımdadır. İçkinin çoxluğundan bir zərər gəlməz. İvanovu telefonla çağırmaq lazım idi. Ester və Leyla, Rayanı buna məcbur etmək istədilər. Raya boyun qaçırtdı. – Mən çağıra bilmərəm. Onu, idarəsindən çağırmaq səlahiyyətini almamışam. Leyla xanım və Ester birlikdə qalxıb telefona getdilər. Raya Leylanın redikulunda iki məktub gördü, məktubun biri Sadovskiyə idi. Raya ona əhəmiyyət vermədi. İkinci məktubun üstü yazılmadığından, Raya şübhələndi. O, yazılmamış bir kağızı, başqa bir paketə qoyub bağladı və Leylanın redikulundakı məktubla əvəz etdi. Leyla qayıdan kimi redikulunu yoxlayaraq məktubları yerində gördükdən sonra əmin oldu. Leyla xanımın otağında təntənəli bir ziyafət süfrəsi açılmışdı. Leyla xanım, bu süfrədə eser, menşevik rəhbərləri ilə hesablaşmaq istəyirdi. Krıçenko, İvanov və Elçiyandan başqa bütün rəhbərlər Leyla xanımın ətrafına toplaşmışdılar. Qədəhlər işə düşür, hər kəs istədiyini yeyir və istədiyini deyirdi; kimi gülür, kimi danışırdı, qadından, qızdan, gözəldən, gözəllikdən söhbət açırdı. Raya isə bir tərəfdə oturub düşünürdü. O, indiyə qədər İvanovun həbsə alınmadığını xəyalına gətirəndə təəccüb edirdi. Çünki Sovet hökuməti və onun baş komissarı əleyhinə sui-qəsd düzəldən bir adamın sui-qəsd açıldıqdan sonra da həbs edilməməsi əlbəttə təəccüblü bir iş idi. Rayanın belə həyəcanlı dəqiqələrində qapı açıldı. İvanovun xidmətçisi Raya xanıma bir məktub təqdim etdi. «Gözəl mələyim! Sənsiz keçirilən bir dəqiqə, mənə zindanda keçirilən uzun illərin acı duyğularını verir. Sənin gözlərinə baxmaq nə böyük səadətdir!. Bir saatdan sonra sənin o məsum gözlərinə baxmaq səadətinə nail olacağam. İvanov». Raya bir daha dərin düşüncələrə daldı və öz-özünə dedi: «Əcəba, yoldaş Şaumyan mən apardığım sənədlərə inanmadımı? İnanırsa bəs nə üçün İvanov indiyə qədər həbs edilməmişdir? Leyla və Ester Rayanın yanını kəsib soruşurdular. – Əcəba, İvanov gəlməsə, siz süfrəyə oturmayacaqsınızmı? Raya: – Xeyr, oturmayacağam!—dedi. Yenə də Rayaya güldülər, Leyla xanım isə onu «sevgi dəlisi» adlandırdı. Leyla xanımın xidmətçisi bir məktub gətirdi, məktub Ayolloya çatacaq idi. Ayollo məktubu açıb oxuduqdan sonra, Sadovskiyə baxaraq çöhrəsində bir şadlıq zühur etdi. Sadovski: – Yeni xəbərmi var?—deyə soruşduqda Ayollo: – Sonra danışarıq,—deyə məktubu pencəyinin cibinə qoydu: Leyla məktubdan söz açaraq: – Məktub, səmimi dostlardan gizlimidir?—dedi.—Biz o şadlıq məktubunu oxumaqdan məhrum olacağıqmı? Ayollo dedi: – Ayollonun sizə olan səmimiyyəti yüksəkdir, lakin məktub süfrə başında oxunacaq məktub deyildir. Başqa bir vaxta qalsın. Ayollonun cibindəki məktubla həm Leyla xanım, həm də Raya maraqlanırdı. Onların hər ikisi məktubu ələ keçirməyə tələsir və o barədə düşünürdü. Gecə saat on iki oldu, nə İvanov, nə də Krıçenko gəlib çıxdı, bütün güman olunan yerlərə telefon edildisə də bir xəbər çıxmadı. Raya İvanovun həbs edildiyinin zənni ilə rahat olmuşdu. Gecə saat birin yarısında, Elçiyan «vay» xəbəri ilə içəri girərək məhzun halda dedi: – Ağalar, xanımlar, mən sizə böyük bir bədbəxtlik xəbəri verməyə məcburam. Bir neçə saniyə nə Elçiyan, nə də oturanlar danışdı. Hər kəsin gözü bir nöqtədə donub durmuşdu. Əllər olduğu yerdə hərəkətdən qalmış, çəngəllər ağız ilə nimçə arasında, bıçaqlar isə cücələrin böyründə, barmaqlar piyalənin boğazında, yağlı tikələr ağızlarda idi. Gözlər isə Elçiyanın dodaqlarını hədəf almışdı. Elçiyan: – İvanov və Krıçenko cənabları həbsə alınmışdır,—dedikdə, Raya qışqıraraq bayıldı. Süfrə altüst oldu, Ayollo qalxıb Rayanı qolları üstünə götürüb yatağına aparmaq istərkən Raya öz işini işlədi: Ayollonun cibindəki gizli məktub artıq Rayanın cibində idi. Ziyafət pozuldu, həbs adı eşidən rəhbərlərin nə vaxt və hansı qapıdan çıxıb getdiyini heç kəs bilmədi. Gecədən çox keçmişdi, oteldə ayıq qalan yalnız Raya idi. O şadlığından yata bilmirdi. Həm Yerevandan gələn məktubu Leylanın redikulundan götürdüyü üçün, həm də İvanov və Krıçenko həbs edildiyi üçün sevinirdi. Üçüncü tərəfdən də Ayollonun cibindəki məktubu ələ gətirə bilmişdi. O, yatağından qalxıb lampanı yandırdı, Ayollodan götürdüyü məktubu oxumağa başladı. «Möhtərəm cənab! Cəbhədəki təşviqat gözəl nəticələr verir, ordu hissələrindən bəzisi həqiqəti anlamaqdadır. Dünən, taborlardan biri, Türkiyə hücumunun qarşısını almaqdan boyun qaçırtdı və nəticədə də 60 nəfər qızıl əskər tələf oldu. Müharibədən boyun qaçıran saldatların nümayəndələri baş komandanlığa belə bir məruzə ilə gəlmişdir: «Zaqafqaziyada gedən müharibələr milli xarakterdə olduğundan, biz onda iştirak etmək istəmirik». Hörmətli cənab! Ümid edirəm ki, yaxında bütün ordu hissələri bu həqiqəti anlayacaq və bolşeviklərin qansız və mübarizəsiz hökumət başından çəkilməsinə və ingilislərin Bakıya gəlməsinə imkan yaradacaqdır». Raya Leyladan oğurladığı Yerevan məktubunu da buna əlavə ilə Şaumyana vermək üçün, zərfə qoyub qapadı. * * * IX. Sui-qəsdin ifşa edilməsi Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı. Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi. Şaumyan xitabət kürsüsünə yaxınlaşdı. Oturanlar bir dəfə özünü düzəltmək istərkən bir anda stulların çırhaçırı eşidildi. Şaumyan, menşevik və eserlər üçün ölüm zərbəsi olan iclası bu sözlərlə açdı: – Mən Bakıda Sovet hökuməti əleyhinə düzəldilmiş bir sui-qəsd barəsində sizə məlumat vermək istəyirəm. Şaumyanın ilk sözündən sonra, salonda elə bir sükut başladı ki, deyəsən oturanlar nəfəs belə çəkmirdilər. Şaumyan sözünə davam edərək dedi: – Sovet hökumətinə qarşı düzəldilmiş sui-qəsdin məqsədi hökumət başında duran Şaumyanı həbs etmək, hazırkı soveti dağıdıb eserlərin, menşeviklərin və sağ daşnaqların sovetini təşkil etməkdən ibarət imiş. Sui-qəsdin nəticəsində düzələcək yeni hökumətin başında, hazırda mərkəzi həbsxanada əyləşən cənab oturmalı idi. Şaumyanın bu cümləsindən sonra iclas salonunun vəziyyəti nəzərləri cəlb edəcək bir surətdə dəyişdi, İvanovun həbs edilməsi səbəblərini açan bu cümlə, eserlər arasında rahatsızlığa səbəb oldu. Menşeviklərlə, eserlər göz vurub danışırdılar. Raya da narahat idi, qız ara-sıra oğurluqca menşevik və eserlərin üzünə baxır və özündən şübhə edib-etməmələrini yoxlayırdı. Şaumyan yenə də iclas salonundakılara müraciətlə: – Bu sui-qəsd çox sadəcə düzəldilmişdi,—dedi,—iyun ayının 12-də bulvarda miting çağırılmışdı. Mitingdə, hər 300 nəfər işçi, bəhriyyəçi və qızıl əskərdən bir nəfər nümayəndə iştirak etməli imiş. Mitingdə iştirak etmək üçün cəbhəçilərlə bərabər «Ərdəhan» gəmisində olanlar da dəvət edilmişdi. «Ərdəhan» gəmisi bulvarın qarşısında lənkər salıb duracaq və yeni hökumətə silahlı yardım edəcəkdi. Hökumətin başında eser partiyası üzvü İvanovun durmaq istədiyi məlumdur. İclasda iştirak edən eserlərin həyəcanını görərkən Şaumyan aşağıdakı cümlələri söyləməklə sakitliyə səbəb oldu. Məlum oldu ki, sui-qəsdin başında İvanovdan əlavə başqaları da varmış. «Ərdəhan» gəmisinin mexaniki Krıçenko da yeni düzələcək hökumətə öz namizədliyini qoymuşdu. Sui-qəsddə yalnız mənim həbs edilməyim nəzərə alınmışdı. Sui-qəsdçilər məndən başqa, hökumət üzvlərinin hamısına qarşı mərhəmətlə davranmağı nəzərdə tutmuş və onları öz mövqelərində qoymağı qərara almışdılar. Düzələcək yeni hökumətin başında diktatura vəkalətinə malik iki nəfər duracağdı. Bunlar hər bir qərarı çıxarmaqdan ötrü, müvəqqəti iclası toplamaq üçün «Ərdəhan» gəmisinin 335 nömrəli təliqəsi ilə böyük zavodlara və hərbi hissələrə üç yüzə qədər dəvətnamə göndərmişdilər... Şaumyan dediyi sözlərini sənədlərlə sübut etmək üçün portfelindən bir iş qoluğu çıxartdı və oradan bir dəstə sənəd çıxarıb oxumağa başladı. Dəvətnamə Xəzər donanmasının ümumi iclası, işçi və çəbhəçi yoldaşlardan rica edir ki, hər üç yüz yoldaşdan bir və hər bir hərbi hissədən və ya hər bir topçu batareyasından bir nəfər nümayəndə intixab edib mitinqə göndərsinlər. Mitinq köhnə hesabla mayın otuzunda, çaharşənbə günü, gündüz saat 10-da dəniz kənarında, bulvarda çağırılmışdır. Sədr—Anikin. Katib—İqnatyev». Şaumyan bu sənədi oxuduqdan sonra, əlavə etdi: – Məlum olduğuna görə yerlərə göndərilmiş dəvətnamələrin hamısı saxta dəvətnamələr imiş, çünki Xəzər dənizçilərinin heç bir iclası olmamışdı. Bu məsələdən, «Ərdəhan» hərbi gəmisinin mexaniki Kırçenkodan başqa heç kəsin xəbəri yox imiş, sədr və katibin imzaları da qayırma və uydurma imzalardır. Şaumyan bütün sənədləri elan etdikdən sonra iş qoluğundan bir sənəd də çıxartdı. O, bir əmrnamədən ibarət idi. Əmrnamə «Hər necə olursa-olsun, Stepan Şaumyanın həbs edilməsini əmr edirəm. Xarici işləri və müvəqqəti hərbi komissarı..». Şaumyan vaxt ikən özünə qarşı hazırlanmış bu əmrnaməni imzalayanları söyləmədi, çünki sui-qəsd hazırlayanlar və hökumət qurmaq arzusunda olan macəraçılar, hələlik hökumət üzvlərinin hamısını təyin etməmişdilər. Bu sənədləri elan etdikdən sonra, Şaumyan iş qoluğundan daha bir neçə sənəd çıxartdı. Bunlar, Qafqaz Qızıl Ordusu və çəbhəçilər komitəsi sədrinə verilən əmrnamələr və Bakı xalqına buraxılacaq müraciətnamələrin surətlərindən ibarət idi. Şaumyanın oxuduğu və elan etdiyi sənədlərdən ən əhəmiyyətlisi, sui-qəsdçilərin ingilis konsuluna yazdığı məktub idi. Məktubda sui-qəsdçilərin İngiltərə imperializminə nə qədər məhəbbət bəslədiyi və İngiltərə himayəsinə girib Azərbaycan işçi və kəndlilərini satmaq istədikləri tamamilə aydınlaşdı. Şaumyan sözünü bitirdikdən və xitabət kürsüsündən düşdükdən sonra belə, bir çoxları hətta iclasın bitdiyindən xəbərsiz, yerində donub qalmışdı. Leyla, Raya, Sadovski, Ayollo və Məlik-Elçiyan yanyana oturmuşdular. Onlar iclas salonundan çıxdıqda, Leyla özünü pis hiss edirdi. Leyla İvanovun həbs edilməsində, sui-qəsdin kəşf olunmasında Rayanı müqəssir sayırdı. Leyla nə qədər sakit olmağa və düşündüklərini Rayaya hiss etdirməməyə çalışdısa da, bacarmadı. O, eşiyə çıxan zaman, Rayaya yanaşaraq: – Şaumyan yaxşımı danışdı?—deyə soruşdu. Raya heç düşünmədən: – İş yalnız danışmaqda deyil, danışıqları eşidən qulaqlardadır,— dedi. Bu sözdən sonra heç kəs danışmadı. Ancaq Ayollo Leylanın qulağına yavaşdan dedi: – Yadınızdadırmı sizdəki ziyafətdə mənə bir məktub gətirdilər!.. Leyla dedi: – Yadımdadır. Onu mənə oxumağı vəd etdiyinizi unutdunuz, mənə oxumadınız. – Sizin canınız üçün mən haman məktubu sizdə itirdim. Leyla bir az düşünərək: – Təsadüf etməmişəm!—dedi. Yenə də Rayadan şübhələnməyə başladı. Lakin şübhələrini kimsəyə aça bilmirdi. Çünki özünə qarşı da şübhə oyanacağından qorxurdu. * * * X. Məktublar Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi. Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi. Leyla xanım Yerevandan daşnaq partiyası rəhbərlərindən Bakı daşnaqlarına yazılmış məktubu Esterin stolu üzərindən götürdüyü zaman, iki böyük müvəffəqiyyət əldə etdiyini düşünmüşdü. Ester xanım haman məktubu öz sevgilisi Vahana göndərmək üçün atasının iş qoluğundan oğurlamışdı. Leyla xanım bu məktubu götürməklə Türkiyə ərkani-hərbinə böyük bir xidmət etmiş olurdu. Çünki bu məktub, daşnaq siyasətində Türkiyə nəfinə olan dəyişmə münasibətilə yazılmışdı. Lakin Rayanın haman məktubu Leylanın redikulundan götürdüyü və yerinə ağ kağız buraxdığı Leylanın ümidlərini puça çıxartdı, müvəffəqiyyət əvəzində, bu gün gələn məktubda ərkani-hərb ağır məzəmmətlər yağdırırdı. «...Göndərdiyiniz məktubun mənasını anlamadıq. Yazılmamış bir parça kağız göndərməkdən nə kimi bir məqsəd təqib etdiyinizi bilmədik. Stolunuzun üzərini axtarın, bəlkə məktubun əvəzində yazılmamış bir kağız göndərmisiniz. Bu hadisədən görünür ki, sizin ətrafınızda gizli əllər işləyir. Diqqətli olmalı və düşünməlisiniz...» Bu məktubu oxuduqdan sonra Leyla acıqlandı və hönkür-hönkür ağladı. Öz-özünə dedi: «Bu heç kəsin işi deyil. Mənim başıma bu fəlakəti açan Rayadır. O avam, hətta sevgi nə olduğunu bilməyən erməni qızı da yalandan üzümə gülür. O da, Raya da bolşeviklərin xeyrinə çalışan qızlardır. Raya mənim bütün zəhmətlərimi puça çıxartdı. Bolşevik tapşırığı ilə çalışan bu qız, məndən istifadə edir. Onu cəzalandıracağam. İşıqlı dünya üzünə həsrət qoyacağam. Mən hər şeyi itirdim, Rayanı itirmək mənim üçün o qədər də kədərli olmaz». Leyla xanım qismən özünü toplaya bildi. O, ilk zərbənin nəticəsində, ikinci məktubu tamamilə unutmuşdu. Nəhayət, xəstələr kimi əlini zəifcə uzadıb hacının məktubunu götürdü, açdı: «Əziz və möhtərəm qızım Leyla! Bu kəlmələr mənim qəlbimdən çıxır. Çünki «əziz və möhtərəm qızım Leyla!» sözlərini hər gün təkrar-təkrar dilimə gətirirəm. Mənim qızım da Leyladır. Buna görə də mən öz yanımda iki Leylanı birlikdə görmək istərdim. Əvvəlcə elə düşünürdüm ki, siz də, Bakıya gələn möhtərəm müsafirlər kimi gəlib millət babasının evində mənzil edəcəksiniz. Lakin nədənsə siz hacı ilə maraqlanmadınız. Zənn edirəm ki, siz bu səhvi düzəltmək üçün milyonlarını türk xalqı yolunda sərf etmiş olan hacını ziyarət edəcəksiniz. Mənim hər kəsin üzünə açıq olan evimi qoyub oteldə mənzil etmənizə heç məna verə bilmirəm. Siz hazırkı vəziyyəti çox gözəl bilirsiniz. Özünüz də millətimizin namusunu müdafiə yolunda çalışırsınız. Bunu mən eşitmişəm. Allah sənin kimilərini daha çox eləsin. Sizin barənizdə cənab Ağabala Quliyev mənə danışmışdır. Mən onun dediklərinə tamamilə inanıram. Buna görə də yığışıb bizim evə gəlmənizi məsləhət görürəm. Ailəmiz Mərdəkandadır. Oranın havası da çox safdır. Bağlıq-bağçalıq yerdir, köçüb orada da qala bilərsiniz. Hacı Zeynalabdin Tağıyev. 15 iyul, 1918-ci il». Hacının məktubu Leyla xanımı razı saldı. O, hacının dəvətini qəbul etdi və məktuba cavab yazdı. «Hacı babam! Millətin iftixarı olduğunuzu bilməmiş deyiləm. Cənab haqq sizi millətimizə çox görməsin. Hacı baba! Mən müsəlmanlarla çox az görüşürəm. Ətrafımızdakılar müxtəlif partiyalara mənsubdurlar. Bir türk qızı olduğum üçün daima müxtəlif din və əqidə daşıyanlarda özümə qarşı şübhə oyatmaq istəmirdim. Hazırda siyasi hadisələr biri digərini təqib edir. Qarşımızdakı mühüm vəzifələri beş-üç nəfərlə ifa etmək və millətin siyasi və milli tələbatına cavab vermək mümkün deyildir. Buna görə də mühüm məsələlərdə sizin kimi zatların məsləhət və köməyi lazımdır. Bunu nəzərə alaraq cənab Ağabala vasitəsilə bəzi məsələlər üçün sizə müraciət etmişdim. Görünür ki, sizin «müsavat» partiyası haqqındakı mənfi fikirləriniz dəyişməmişdir. Hacı baba! Yalnız siz deyil, bütün siyasi işlərdən xəbərdar olan şəxslər bilir ki, «müsavat» partiyası nə indi, nə gələcəkdə müstəqil bir hökumət təşkilinə nail ola bilməyəcəkdir. Hacı baba! Bəlkə siz də müsavatçıların müstəqil hökumət qurmağa müqtədir olduqları haqqındakı iddialarına inanırsınız. Lakin sizi əmin edirəm ki, müsavatçılar bu gün Türkiyə hökuməti himayəsindən məhrum olsalar, sabah ingilislərin pəncəsinə keçəcəklər. Bunları nəzərə alaraq «müsavat» partiyasının kütlə arasında müvəqqəti nüfuzundan istifadə etməklə, bolşeviklərə qarşı aparılan mübarizəni axıra qədər davam etdirməlisiniz. Mən zənn edirəm ki, Almaniya imperiyasına arxalanmış osmanlı imperatorluğu bolşeviklərə qarşı qəti mübarizə ilə Bakını ələ keçirməyə çalışacaqdır. Hacı baba! Xəzər dənizi sahillərinə gələn türk ordusunun qələbəsini təminə çalışmaq lazımdır. Əlbəttə, bu yolda sizin yardımınızın böyük əhəmiyyəti vardır. Hacı baba! Yuxarıda yazdıqlarımı həyata keçirmək və bu barədə sizin əsas fikrinizi bilmək üçün dəvətinizi qəbul edirəm. Hörmətli əllərinizdən öpürəm. Leyla. 15 iyul». Leyla xanım hacıya yazdığı məktubu bağladı, üstünü yazdı. Hacının evinə telefonla xəbər verdi ki, məktubu aparmaq üçün adam göndərsinlər. Sonra da Ağabala Quliyevi telefona çağıraraq danışmağa başladı. – Bu gün hacı cənablarının evinə köçəcəyəm. «Metropol»da işləmək imkanı yoxdur. Ətrafımda olanlardan şübhələnirəm. Mənimlə bərabər Bakıya gələn rus qızının bolşevik nəfinə işlədiyini hiss edirəm. O mənim işləməyimə imkan vermir. Ordumuz Bakıya gələnə qədər onu həbs etməliyik. Mənim xüsusi təbibim Yusifidisin də bizim üçün bir əhəmiyyəti qalmamışdır. O, İranda ikən bizim üçün əlverişli idi. Burada isə mənim üçün bir əngəl olmuşdur; o mənim menşevik, eser rəhbərləri ilə olan işlərimə əngəl törədir. Axşam cənab hacının evində görüşər və danışarıq, hələlik... Leyla dəstəyi yenicə asmışdı ki, Raya içəri girdi, Leyla onu şad bir çöhrə ilə qarşıladı və dedi: – Raya bu gün hacının evinə köçürəm. Səni də aparmaq xəyalındayam, oteldə yaşamaq o qədər münasib deyildir. Raya: – Sizin köçməyinizə mane deyiləm, lakin mən miralay Tiq-Çonsonun razılığını almadan heç bir yerə hərəkət edə bilmərəm,—dedi. Leyla dedi: – Mən bu axşam ora köçəcəyəm, heç olmasa məni müşayiət ediniz. Raya cavab verdi: – Xeyr! Bu gecə heç yerə gedə bilməyəcəyəm. Bu gün Şaumyanın dövlət quruluşu haqqındakı çıxışını dinləmək üçün gedəcəyəm. Leyla qaşlarını çataraq dedi: – Raya, bizim ikimiz də dəyişmişik, ancaq kimin hansı tərəfə dəyişdiyi aydın deyildir. * * * XI. Hacının bağında Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi. Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi. Leyla xanım səhər saat səkkizdə doktor Yusifidislə bərabər faytona oturub Mərdəkana yola düşdü. Onlar Telefonnı küçənin axırına çatanda Sadovski də faytonla keçməkdə idi. Sadovski faytonu saxlatdırıb Leyla xanımın faytonuna yanaşdı. Əvvəlcə onun əlini öpdü, sonra doktor Yusifidisin əlini sıxdı. Doktor Yusifidis Sadovskinin əlini bir tanış və bir dost olaraq yox, bir düşmən olaraq sıxdı. Onun qəlbindən barmaqlarına axan qısqanclığı Sadovski hiss etdi. Hiss etdisə də özünü bilməməzliyə vurdu. Leyla xanım doktor Yusifidisin haldan çıxdığını hiss etdiyi üçün Sadovskini çox saxlamadı. Mərdəkan səyahəti haqqındakı məqsədini qısaca söyləyərək vidalaşdı. Leyla xanım və doktor Yusifidis bir-biri ilə danışmaq istəmirdilər. Fayton Keşlə qəbiristanı yanından keçərkən, qəbiristanda camaat yığılmışdı. Bir nəfərin dəfn mərasimində molla ölünü səsləyərək deyirdi: – Ey allahın bəndəsi və allah bəndəsinin qızı, bu gün sənin dünyada son günündür və axirətə köçdüyünün əvvəlinci günüdür. Doktor Yusifidis bu vəziyyəti gördükdən sonra Leyla xanıma eşitdirmək üçün: – Hərkəs təmiz bir namusla torpağa tapşırılırsa allahın rəhmətinə nail olsun,—dedi. Leyla acı bir gülüşlə ona baxaraq: – Nə siz namusun nədən ibarət olduğunu anladınız, nə də mən sizin tələbinizi təyin edə bildim,—dedikdə, doktor dedi: – Siz hər şeyi bilirsiniz, mən də hər şeyi anlayıram. Anlamadığımız bir şey varsa, o da bir-birimizi anlamamaqdır. Mən vaxtilə sizi lazımınca anlayanda sizə həddən artıq sərbəstlik verməmiş olsaydım bu gün siz şəhvətpərəstlərin ruhunu oxşayan əyləncə aləti kəsilməzdiniz. Hüququnuz dairəsindən kənara çıxmazdınız. Siz özünüzü bir kişi kimi aparmaqda bir müvəffəqiyyət qazansanız belə, siz qadınsınız. Qadınlığa məxsus adət və xüsusiyyətləri mühafizə etməlisiniz. Çünki siz özünüzü kişi kimi aparmağı bacarır, danışıq və hərəkətdə onları təqlid edə bilərsiniz, lakin kişilərin sizə nə məqsədlə yanaşdıqlarını anlaya bilmirsiniz. Siz mühüm bir işi buraxmamalısınız, bu iş isə namusdan ibarətdir. Mən elə düşünürdüm ki, siz birlikdə çalışmağa imkan yaradacaqsınız. Lakin mənim sükutum uyğunsuz vəziyyəti daha da dərinləşdirdi. Buna görə də mən sözü açıq söyləməyə və sizi bu əyri yoldan qaytarmaqla namussuzluğun qarşısını almağa qərar verdim. Hər halda bu nöqsanları yox etmək lazımdır. Leyla xanımın sükutundan, doktor öz iddiasında haqlı olduğuna inandı. O davam etdi. Deyilə bilməyəcək sözləri deməyə cəsarət elədi. Leyla soruşdu: – De görüm, mən nə kimi bir namussuzluğa yol vermişəm? Nə üçün bunu mənə vaxtında demədin? Doktor dedi: – Bütün qüsur məndədir. Mədən dairəsinə gedəndə Sadovski sizin başınızı qolları arasına aldığı vaxt, mən dözməməli, bir güllə sizə, bir güllə də özümə vurub hər şeyi bitirməli idim. Leyla xanım nədənsə bu gün olduqca soyuqqanlılıq edirdi. O yenə də: – Sən hissiyata qapılma,—dedi.—Məni gözəlcəsinə tanımalısan. Nə Sadovski, nə də başqaları cəsarət edib mənim boynumu qucaqlaya bilməz. Sən bilməlisən ki, mən heç kəsə bu haqqı verməmişəm. Bunu səninlə olan münasibətimdə də imtahan edə bilərsən. Sadovskinin boynumu qucaqlaması məsələsi belə olmuşdur. Biz mədən dairəsinə gedəndə şiddətli külək var idi. Özün gördün külək mənim baş ötrüyümü atmaq istədikdə, o mənim başımı tutdu və örtüyü küləkdən saxladı. Belə fürsətləri müvəffəqiyyət sayıb fəxr etmək, bir Sadovskidə deyil, bütün kişilərdə ola bilən haldır. Sən bilməlisən ki, mənim Sadovskiyə olan işvələrim tamamilə vəzifəmizin ifası üçündür. Mən bununla həm vəzifəyə yardım edirəm, həm də o axmaq kişiyə gülürəm. Bəzi kişilər var ki, onların şəhvət duyğuları bütün varlığına, hətta əqidəsinə belə hakimdir. Bizim ətrafımızda olan menşevik, eser və daşnaq rəhbərlərinin hamısı gələcəkdə qurmaq istədikləri hökumətin xəyali nəşələri ilə sərxoşdurlar. Onlar nə edəcəklərini və kimlərlə oturub durmaq lazım olduğunu bilsəydilər, bizə yaxın düşərdilərmi? Hətta bizi bir gün də Bakıda sərbəst qoyardılarmı? Biz ancaq onların yaratdığı imkan nəticəsində bolşeviklərə qarşı işləmirikmi? Doktor bu fikirlərlə razılaşa bilmirdi. O, öz vəzifəsini yüksək tutsa da Leylanı ağıllı, vüqarlı bir qız tanısa da qısqanclığın iti dırnaqları onun qəlbini parçalayırdı. Onun düşüncəsinə sevgi hakim idi. Leyla və Sadovskini unuda bilmirdi. Xəyalında Sadovskinin Leyla ilə bir süfrədə oturduğunu, bəzən onun saçlarını oxşadığını, qoluna girdiyini, Leylanın ağ və incə əllərini dodaqlarında saxladığını, gözlərini qırpmadan Leylaya baxdığını, onun əndamını, döşlərini, saçlarını və bütün gözəlliklərini süzdüyünü görür, əsəbiləşir və qısqanırdı. Doktor bu təsirlə dedi: – Yox, belə deyil! Nə olur-olsun, nə deyirsən de, Sadovskilərin səndən etdiyi istifadə, bizim onlardan etdiyimiz istifadədən daha böyük və qiymətlidir. O, ölənə qədər öz süfrəsində Leyla kimi bir qızı əyləşdirə bilməz. O, buna layiq də deyildir. Sizin Sadovski ilə sıxı əlaqəniz davam etdikcə, mənim ömrüm qısalır, çünki onunla keçirdiyiniz bütün günlər, mənim ömrümdən, mənim həyatımdan oğurlanır. Mən sizin vədlərinizə inanıram. Altı aydır ki, o vədə görə bir çox uyğunsuzluqlara dözürəm. Leyla xanım yenə də onun hiddət və şiddətini soyutmaq istədi və olduqca mülayim bir surətdə dedi: – Əzizim, mənim dostum, bir qızın səmimi vədi ilə altı ay yaşayan adam, bir neçə gün artıq dözə bilməzmi? Sən bilirsən ki, ordumuz Bakı qapılarındadır? Sən bilirsən ki, bolşevik hökuməti yıxılacaqdır. Sən görürsən ki, menşevik, daşnaq, eser rəhbərləri bizi xoşbəxt eləməyə çalışırlar? Odur ki, sən qətiyyən qısqanmamalı və işlərin gedişinə mane olmamalısan. Sənə verdiyim vədi müqəddəs sayıram. Mən səni əvvəlki kimi sevirəm. Bu sevgini hər addımda təzahür etdirmək üçün imkan yoxluğundan darılmamalısan. Leyla xanım bu sözlərdən sonra bir daha nazlanaraq doktorun əlini əlinə aldı: – Mən sizi sevirəm!—dedi.—Lakin siz də bu sevgiyə müsbət bir yekun vurmalısınız. Bu sözdən sonra doktorun varlığı dəyişdi, qəlbi kimi bütün vücudu titrədi və dedi: – Bütün tələblərinizi ödəməyə hazıram. Lakin siz, mənim ümid bağladığım və nəşəsi ilə yaşadığım bir sevginin ləkələnməsinə çalışmayın. İndi deyin görüm, nə kimi müsbət bir yekun deyirsiniz? – Biz Bakıya qədər nələr görmədik? Və nə çətinliklər çəkmədik. Xüsusən mənim başıma gələnlər böyük bir romanın materialı deyildirmi? Buna görə də mən istərdim ki, altı aylıq sərküzəştimi bir roman şəklində yazaydınız. Sizin qələminiz qüdrətlidir. Bizim həyat və sevgimizə xatirə olmaq üçün qiymətli bir roman yaza bilərsiniz. Həyatımız olduqca bədii və tarixi bir əhəmiyyətə malikdir. Yazılacaq roman müvəffəqiyyətli çıxarsa, mən sizi daha da artıq sevəcək və bu sevgini tamamlayacağam. Doktor tələsik soruşdu: – Bəs Bahardır xan?! Siz ona nişanlısınızmı? – Siz ona əhəmiyyət verməyin! Bahadır xan da Sadovski və başqaları ilə bərabər mənim romanımın mənfi tiplərindən birisidir. Doktor əllərini ovuşduraraq: – Zənn edirəm ki, mən haman romanı ikicə ayda yaza biləcəyəm. – Yox! Mən iki ayda yazılan romanları sevmirəm. Tələsik yazılan əsərlərin bədii qiyməti də az olur. Fayton Mərdəkanın tozlu və qumlu küçələrindən keçirdi. Bağları özü üçün cənnətə çevirən Bakı burjuaziyası, keçmiş daşlıq və qumluq küçələrin qeydinə qalmamışdı; çünki bu küçələrdən başqaları keçirdi. Faytonun və kəndli arabalarının çarxlarından qalxan toz dalğaları iyul günəşinin qarşısına qalın pərdə çəkmişdi. Budaqları daş divarlar üzərinə sallanmış ağacların yarpaqları da yüz yaşlı bir qocanın saçları qədər bozarmışdı. Küçələr olduqca gələbəlikdi. Öz mənafeləri üçün düzəltdikləri milli müharibədə məğlub olan Bakı zənkinləri, hələlik burjuaziyanın iç üzünü anlamayan və onların bolşeviklərə qarşı mübarizəsinin mündərəcəsini lazımınca dərk etməyən adamları da öz arxasına salıb Bakı bağlarına çəkmişdi. Faytonu qarşılayan və ipəklərə bürünmüş burjuaziya qadınlarının ağ donları, Abşeron küləkləri ilə yellənirdi. Sanki Leyla xanımın faytonu gedən toz təbəqələri içərisində ağ qanadlı quşlar uçuşurdu. Qadınlar artırdı. Qadın dəstələri içərisində zənginliyi ilə seçilən burjuaziya qadınları gözə çarpdığı kimi, müsavatçıların, daşnaqların yaratdığı mart hadisəsi nəticəsində dilənçi kökünə düşmüş qadınlar da görünürdü. Fayton, yüzlərcə qadınların alqışları içərisində «millət babası»nın bağına doğru sürünürdü. Bəzi qadınların barmaqlarında günəşə qarşı nümayiş edən böyük brilyantlar parlayırdı, aylar uzunu aclıq çəkən barmaqların köy damarları da burjuaziya xəyanətinin nəticələrini nümayiş etdirirdi. Bağın böyük qapısı açıldı. Leyla xanım ətrafında rəngbərəng çiçəklər əkilmiş xiyabanlar ilə irəlilədi. Leyla xanımın paltarı tozlanmışdı, buna görə də o, əvvəlcə paltarını dəyişmək və tualetini düzəltmək istəyirdi. O, «millət babası»nın qızı Leyla ilə binanın qadınlar bölməsinə keçdi. Leyla xanım tualetini düzəltdikdən sonra qonaq otağına keçərək xanımlarla tanış oldu. Onlarla bərabər çay içib səhər yeməyini yedikdən sonra, hacının yanına getdi. Bakı zənkinləri və Bakı mollaları həmin salonda toplanmışdı. Hər lider, özünün mənsub olduğu partiyanın əqidəsi uğrunda uzun nitq söyləyirdi. Nahardan sonra Leyla xanımla hacı cənabları balkonda kiçik stol ətrafında oturub, xüsusi söhbət edirdilər. Leyla nə qədər çalışırsa hacını türklərin qələbəsinə və Bakını əldə saxlaya biləcəklərinə inandıra bilmirdi. Nəhayət, Leyla əlini uzadaraq redikulundan kiçik bir kağız çıxarıb hacıya göstərdi və dedi: – Bu Vəhib paşanın telegramının surətidir. Məsələ həll edilmişdir. Zaqafqaziya məsələsi Berlin—İstambul arasında həll olunmuş bir məsələdir. Hacı cənabları ancaq məsələnin tez bir surətdə başa gəlməsi uğrunda çalışmalı və öz nüfuzu ilə ordumuzun müvəffəqiyyətinə səy etməlidir. Bu vaxt hacının qızı Leyla da balkona çıxdı. Hacı isə adəti üzrə xırda və düşüncəli gözlərini balkonun tavanına çevirərək: – Mən iki Leylanın canına and içirəm ki,—dedi,—həqiqi müsəlmanam. «Müsavat» partiyasının irəli getməsinə tərəfdaram. Gözlərimin xırdalığına baxma, uzağı da görə bilərəm. Mən bolşeviklər əleyhinə olan hər bir qüvvəyə tərəfdaram. Siz «müsavat» partiyasına çox ümidverici fikirlə baxırsınız. Buna haqlısınız. Çünki siz, müsavatçıların kimlərdən ibarət olduğunu bilmirsiniz, lakin mən onları beş barmağım kimi tanıyıram. Onlardan heç bir şey çıxmaz. Onlar ümidli adam olsaydılar mən öz milyonlarımı gülə-gülə bu yolda xərclərdim. Bolşeviklər müsəlmanların dininə və varlıların dövlətinə toxunmasaydı, xüsusi mülkiyyəti tanısaydı, torpaqlara, banklara əl vurmasaydı, mən bütün müsəlmanların bolşevik olmasını məsləhət görərdim. Çünki müsəlmanlar dalda qalmış camaatdır. Lakin buna yuxarıdakı səbəblərə görə bolşeviklərə tərəf durmaq olmaz. Müsavatçıları o zaman sevəcəyəm ki, Azərbaycanı diriltmək üçün böyük və qüvvətli bir dövlətə arxalanmış olsunlar. Leyla hacıdan icazə alaraq danışdı: – Əcəba, müsavatçılar, osmanlı imperatorluğunun himayəsinə girmək üçün ordumuzla əlbir işləmirlərmi? Bu himayə sizin üçün kafi deyildirmi? Hacı dedi: – Bir şərt var! Mən Almaniyanın qalib gələcəyinə inansaydım, osmanlı himayəsinin bizim üçün kifayət olduğunu təsdiq edərdim. Qızım, sən bilirsən ki, Bakı milyonerlər şəhəridir. Burada on minlərçə işçi vardır. Onlar təşkil olunur. Rusiya—işçiləri ilə əlaqəyə girişirlər. Əski Rusiya daha yoxdur. Ola da bilməz. Siz bunu bütün tanışlarınıza deyə bilərsiniz. Siz o tərəf-bu tərəfə baş qaldıran çar generallarının bir iş görə biləcəyinə də inanmayın! Nikolay kimi padşahı vurub yıxanlar, onun generallarını da yıxacaqlar. Sizin bolşeviklərə qarşı çıxa biləcək qüdrətiniz varsa, hacı öz malından keçməyə hazırdır. Leyla hacıya bir sual da verdi: – Bolşevikləri məhv edə biləcək ikinci bir qüvvə vardırmı? – Nə üçün yoxdur? İngilislər, firənglər qüvvətlidir! – Bəs Almanlar? – Almanlara ümid bağlaya bilmərəm. Onların qüvvəti olsaydı, Ərəbistanı, Bağdadı və sair yerləri əldən verməzdilər. Leyla çox gözəl bilirdi ki, hacı öz milyonlarının qeydinə qalır və Bakı sərvətini bolşeviklərdən müdafiə üçün qüvvətli bir dövlətin himayəsində olmaq istəyir. Leyla son sözündə bu məsələləri hacıya xatırladaraq dedi: – Hacı baba bilməlidir ki, ingilislərin Zaqafqaziyaya gəlməsi erməni-müsəlman məsələsini bir daha gərkinləşdirəcək, ingilislər həmişə olduğu kimi yenə də ermənilərə tərəf duracaqlar. Hacı nəzərini qarşıdakı stoldan ayırmayaraq düşündü. O, Leylaya qəti bir söz deyə bilməyəcəkdi. Çünki Leylaya inanmırdı. Hacı bir əli ingilislərin, bir əli osmanlıların ətəyində olan bu qıza ingilis casusu kimi baxmamağı bacarmırdı. Axşam saat beşdə Leyla xanım və doktor Yusifidis hacı ilə vidalaşdılar; onlar Ağabala Quliyev və Abdullayevin müşayiəti ilə faytona oturub yola düşdülər. Çünki əziz qonaqlar axşam çayını Ağabala Quliyevin bağında içəcəkdilər. Çay ziyafətində iştirak edənlərin hamısı «müsavat» partiyasına mənsub qoçulardan, milli müharibələrlə Bakı əməkçilərini qan göllərində boğan, nəhayət tülkü kimi Mərdəkan bağlarında gizlənən canilərdən, burjuaziya nökərlərindən ibarət idilər. Leyla çay stoluna oturmazdan əvvəl Ağabala Quliyevlə bərabər doktor Yusifidisin qolundan tutub bağa endi. Leyla doktora müraciətlə dedi: – Əziz dostum, bu çiçəkliklər və meyvəliklər sənin xoşuna gəlirmi? Doktor cavab verib: – Doğrudan da dünya cənnətdir. Leyla dedi: – İnsanda bədii zövq oyanır, şairanə xəyallara düşürsən. Doğrudan da bura roman, həm də tarixi və bədii bir roman yaratmalı bağdır. Yaşamalı və həyat keçirməli yerdir. Söhbətlərin hamısı bu məzmunda idi. Onlar bir saatdan artıq bağda dolaşdılar. Sonra balkona, çay içməyə çıxdılar. Çay ziyafəti saat yeddidə bitdi, hamı vidalaşıb getdi, stolun başında doktor, Leyla xanım, Ağabala Quliyev və Abdullayev qaldı. Leyla xanım, heç utanmadan altı aydan bəri bir vəzifədə çalışan doktor Yusifidisə müraciətlə: – Əziz dostum!—dedi.—Axşamdır. Mən şəhərə qayıtmalıyam. Ancaq namus və vəzifə namına bir ricam var. Doktor dedi: – Buyurun! Hər nə əmriniz olsa məmnuniyyətlə ifa edərəm. Bu sözdən sonra Leyla xanım Ağabala Quliyevə müraciətlə: – Cənab Ağabala! Qələm, kağız və mürəkkəb lazımdır!—dedi. Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. Doktor nə olacağından və Leylanın nə istədiyindən xəbərdar deyildi. Sakit oturub böyük bir həyəcanla dinləyirdi. Leyla kağızı doktor Yusifidisin qarşısına qoydu və qələmi mürəkkəbə batırıb doktora verdi və dedi: – Yazın! Vəzifədən qaçmaq yaramaz, zəmanəmiz mühüm bir zamandır. Nə deyirəmsə, onu yazın! Doktor qələmi kağız üzərində saxlayaraq Leylanın ağzından çıxacaq sözü aramsız gözlədi. «Metropol» oteli müdirinə! Əfəndim, mən iki ay müddətinə İrana ailəmlə görüşə getməli oldum. Yaşadığım nömrənin ixtiyarını özümdə saxlamaq üçün iki aylıq otaq pulunu Leyla xanıma verdim. Doktor Yusifidis. Bakı, 25 iyul, 1918-ci il». Leyla yazılmış məktubu büküb redikuluna qoydu. Doktor Yusifidis çıxılmaz bir vəziyyətdə qalmışdı, o, başını tərpədərək dedi: – Leyla xanım, bu vəzifə yoldaşına qarşı çəkilməz bir həqarətdir. Məni həbsə almağın, ümumi iş üçün heç bir mənfəəti yoxdur. – Bu təşəbbüs, bizim səmimi yoldaşlığımızı mühafizə üçündür. Bundan əlavə, siz olduqca yorğunsunuz, heç şübhə yoxdur ki, cənab Ağabalanın yaylağında sizin istirahətiniz kamalınca təmin ediləcəkdir. Mənim özüm də hər həftə sizin ziyarətinizə gələcəyəm. Ağabala Quliyev əlavə etdi: – Ümid edirəm ki, cənab doktor, bizim müsahibəmizdən razı qalacaqdır. Xüsusən sizin burada olmanıza görə Leyla xanımın da ziyarətinə tez-tez nail ola biləcəyik. Bu sözlərdən sonra Leyla doktorun yanında oturaraq dedi: – Demək, mən sizə iki aylıq yay istirahəti verdim, siz də öz vədinizə əməl etməlisiniz, öhdənizə götürdüyünüz romanı yazmalısınız. Bu xidmətinizin mükafatı, sizin qiymətli arzunuzun həyata keçirilməsindən ibarət olacaqdır. Leyla bunu deyərək onun əlini sıxdı; o, otaqdan çıxarkən doktor bir daha: – Zənn edirəm ki, məni unutmayacaqsınız—dedi. * * * XII. Raya oğurlandı Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi. Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib: – Xanım, bir nəfər kazak sizi görmək üçün icazə istəyir,—dedi. Leylanın icazəsi ilə kazak içəri girdi. Leyla kazakı görən kimi tanıdı və onun qara bir xəbər gətirdiyini hiss etdi. Savlayevin xidmətçisi Andrey ona baş endirdi və danışmaq istərkən boğazı tutuldu və tərəddüd etdi. Nəhayət Leyla həyəcanlı halda ona müraciətlə: – Danış, Andrey!—dedi. Andrey ağlayaraq: – Xanım, ağa tərəfindən başınız sağ olsun,—dedi. Leyla «aman, nə olmuşdur?»—deyə qışqırdıqda, Andrey davam etdi: – Qəhrəman Savlayev artıq yoxdur, o türklərlə olan birinci müharibədə öldürüldü. Leyla şiddətlə ağladısa da Raya bundan o qədər də mütəəssir olmadı, çünki Raya Savlayevin məfkurəsini gözəlcə bilirdi. O, yenə də Leylaya təsəlli verərək dedi: – Ağlamaq artıqdır, çünki hərbiyəlilər üçün müharibədə ölmək bir şərəfdir. Savlayev cənabları öldürülsə də onun dünya müharibəsində göstərdiyi qəhrəmanlıq tarixdə yaşayacaqdır. Bu sözlər Leylaya təsir etmədi, o, Andreyə müraciətlə: – Bu faciənin nə cür baş verdiyini söylə görüm!—dedi. Andrey başını aşağı salaraq danışmağa başladı: – Biz iyul ayının birində, Ənzəlidən gəmilərə oturub ayın dördündə Alyat tərəfində kiçik bir limanda quruya çıxdıq. Cənab Biçeraxov dərhal cəbhə ilə danışdı. Bir neçə dəqiqədən sonra Kür çayı ətrafını almaq üçün düşmənin şiddətlə hücuma keçdiyi məlum oldu. Biz ayın beşində müharibəyə girişdik. Haman gün Bakı qoşununun bəzi hissələri çəkilməyə və cəbhəni tərk etməyə başlamışdı. Cənab Biçeraxov bizi dərhal hücum halına gətirdi. Biz Qızıl Ordu hissələrini təhkim etmək və çəkilən hissələrin yerini doldurmaq əmrini aldıq. Biz iyulun altısındakı müharibədə türkləri lazımi qədər döydük, geri çəkilməyə məcbur etməklə düşməni körpüdən uzaqlaşdırdıq. İyulun yeddisində səhər saat dörddə, cənab Biçeraxovdan bu məzmunda bir əmr aldıq: «Bir ingilis zirehli avtomobili ilə bir eskadron süvari kazak, Kür çayı körpüsünü keçəcək, türklərin harada və nə vəziyyətdə olduğunu öyrənəcəkdir». Körpünü keçəcək eskadronun komandası cənab Savlayevə tapşırılmışdı. Səhər saat beşdə artıq eskadronumuz körpüdə idi. Cənab Biçeraxovun özü də bizi körpüyə qədər ötürmüşdü. O, körpünün ətrafındakı möhkəm mövqeləri və orada yerləşən qüvvələri nəzərdən keçirdikdən sonra batalyon komandirini çağırıb belə bir əmr verdi: «Körpünün düşmənə verilməsi, Bakının verilməsi deməkdir, hər bir kiçik hadisəni qərarkaha xəbər verməlisiniz. Biləks körpünü o tərəfə keçən eskadronla gələcək işlərimizi də məhv etmiş olacağıq». Bu əmr verildikdən sonra cənab Biçeraxov Savlayev cənabları ilə vidalaşıb qayıtdı. Bizim eskadronumuz axşam saat dördə qədər kəşfiyyat apardısa da, türklərdən heç bir əlamət görə bilmədi. Lakin biz körpüyə qayıtmaq istədikdə xəritədə yanıldığımızı və kəşfiyyatda uduzduğumuzu bildik, bir dəqiqədən sonra düşməni arxada buraxıb getdiyimiz məlum oldu. Körpü düşmən əlinə keçmişdi, biz körpünü almaq və düşməni yarıb keçmək üçün müharibəyə girişdikdə, arxamızdan qüvvətli bir türk süvari dəstəsinin gəldiyini bildik. Zirehli avtomobil bizə heç bir yardım edə bilmirdi, çünki mövqe olduqca əngəlli idi. Güllə atılmırdı, qılınc müharibəsi idi. Biz qəhrəmançasına vuruşurduq. Lakin bir türk süvari zabitinin cənab Savlayevi öldürməsi bizim qol-qanadımızı qırdı, bunun üçün geri çəkilməyə başladıq. Eskadronumuzdan çox az adam qurtara bildi. Körpüyə yanaşmaq mümkün olmadığından tez kazaklar atlarını çaya salıb keçmək məcburiyyətində qaldı. Yaxşı ki, türklər zirehli avtomobili əsir almaq ilə məşğul olduğundan biz qaçıb qurtarmağa müvəffəq olduq. Cənab Biçeraxov bu ölümün əvəzedilməz bir itki olduğunu qeyd ilə təəssüflər etdi, ağanın əşyasını bizə göndərməyi əmr etdi. Raya çox oturduqdan sonra getmək istədisə də, Leyla «yalnızam» deyə onu buraxmadı. Raya gecə Leylanın evində qalacağını qət etdi. Redikulundakı məktubu cırıb atmağı və hər ehtimala qarşı ehtiyatlı olmağı qərara aldı. Çünki Leyla onu gözdən kənara buraxmırdı. Onun hər qədəmini izləyirdi. Zira Rayanın, öz redikulundakı məktubu götürüb öz qoynunda gizlətdiyini hiss etmişdi. Axşam saat on birdə şam yeməyini bir yerdə yedilər, Leyla qalxıb telefon qoyulan otağa getdi, Raya isə bu fürsətdən istifadə ilə Şaumyana yazdığı məktubu cırıb pəncərədən küçəyə atdı. Leyla qayıdıb gəldi, hələ Raya qarşısındakı çayı içib bitirməmişdi. İki nəfər naməlum adam içəri girdi. Rayanın rəngi qaçdı, o qeyri-adi bir hadisə olduğunu anladı. Leyla, Rayanın bu həyəcanını hiss edərək dedi: – Raya, qorxma! Sən ümumi işin gedişinə mane olduğun və gələcəkdə özünü təhlükə qarşısında qoymağa hazırlaşdığın üçün mən səni bir müddət üçün mənsub olduğun cəmiyyətdən ayırmağı qət etdim. Səninlə ayrılığımız, türklərin Bakını alan gününə qədər davam edəcəkdir. Bu müddətdə sən öz istədiyin kimi istirahət edəcəksən, çünki səndən ötrü hər bir şey hazırdır. Sonra yenə də sevgimiz və arqadaşlığımız davam edəcəkdir. İndi isə sən, qoynundakı kağızı çıxarıb stolun üzərinə qoymalısan, çünki o məktub mənə lazımdır. Raya məhzun bir gülüşlə: – Bağışlayın, məktubu cırıb pəncərədən küçəyə atmışam,—dedikdə Leyla onun üzünə düşüncəli və acıqlı nəzərlə baxaraq dedi: – Onunla özünü qurtara bilməzsən, mən onsuz da sənin nə cür işlədiyini bilirdim və bu gün sənin haqqında öz qəti qərarımı verirəm. Raya dedi: – Sən yolunu azmısan, üzərinə ən iyrənc ləkəli vəzifə götürmüsən. Əleyhinə çalışdığın kütlələr məhv olası, qırılıb qurtarası kütlə deyil! Sən gözəlsən, bacarıqlısan, lakin getdiyin yol olduqca çirkindir, iyrənçdir. Mənsə, dünyanın məzlumlarını müdafiə üçün mübarizə edənlərdənəm. Bu yol şərəfli yoldur. Leyla bu sözlərdən sonra otaqda o tərəf-bu tərəfə gəzinib yenə də oturdu. – Sənin İvanovla olan ikiüzlü sevgin yaman nəticə vermədi, böyük bir sui-qəsdin üstünü açmağa müvəffəq oldun. Mən bunu bilirdim, o zaman səni həbs etdirmək istəmədim. Çünki mənə yaxın olduğun üçün, mənim özümü də ləkələyə bilərdin. Səni müvəffəq çıxaran bu səbəb idi. Lakin sən mənim özümə də xəyanət etdin. Sən öz sevdiyin, iş yoldaşın Vladimirin fəlakətindən ibrət almadın. Onu güllələdilər. Sən də o günə düşə bilərsən, buna görə səni ayırmaq və bolşevik təhlükəsindən qurtarmaq istəyirəm. Nə qədər bolşeviklər var, səni azad buraxmayacağam. Yazıqsan, məhv olarsan. Leyla sözünü qurtardıqda Raya bir dəfə: – Mənə cəza verdir. Mənim öz təqsirimdir, çünki sənin bolşeviklər əleyhinə işlədiyini bildiyim halda susdum, məsələni açmadım, çünki mən səni sevirdim, mən sənin pis günlərində belə səndən ayrılmadım. Mən bolşeviklərin düşməninə rəhm etməklə bir xəyanət etdim. İndi hazıram, istədiyini edə bilərsən. Ancaq qadınlığın namusuna toxunulmasın. Leyla tələsik: – O barədə əmin ol,—dedi,—sən namuslu bir ailədə yaşayacaqsan. Elə bilmə ki, mən səni sevmirəm. Lakin Raya, sevgi başqa, siyasi iş başqadır. Mənim sənə olan sevgim heç də azalmamışdır, biz bir-birimizi öyrənmişik. Məndən inciməyə haqqın yoxdur, iş bunu tələb edir, ancaq mənim səndən bir ricam daha vardır. Raya dedi: – Hazıram. Leyla soyuqqanlılıqla dedi: – İndi sən Tiq-Çonsona bir məktub da yazmalısan. Leyla qələm və mürəkkəbi Rayanın qarşısına qoyaraq: – Yaz!—dedi. «Hörmətli Tiq-Çonson! Sənə olan səmimi hörmətimi və bu hörmət nəticəsində doğan sevgimi bilməmiş deyilsən. Mən bu sevginin nəticələrini düşünərkən daima narahat olurdum. Çünki nəticədə ya sizdən ayrılmağa, yaxud vətənim və ailəmdən ayrılaraq sizinlə bərabər getməyə məcbur olacaqdım. Mən bu barədə düşünərkən belə qərara gəldim. Möhkəm sevgi təlləri məni bağlamamışkən, iki qəlb bir-birinə qovuşmamışkən, sevgim məni əsir etməmişkən qaçıb qurtarmağı lazım bildim. Səninlə görüşmədən getməyimi də məzur tut. Çünki səninlə görüşəndə ayrılmaq istəmirəm. Nə isə taleyimiz belə işim. Bu gün, gecə saat bir qatarı ilə Şimali Qafqaza gedirəm. Hələlik salamat qal! İngiltərə missiyası Şimali Qafqaza gəlsə bu adresi soruş: «Mineralnı vod, dəmir yol stansiyasının yaxınında İvanovka adlı kazak kəndi. Sənin Rayan. 12 avqust, 1918-ci il». Leyla bu məktubu alıb redikuluna qoydu. Otel müdirinə də bir məktub yazdırdı. Çünki otel pulu vermək və Rayanın əşyasını oradan gətirmək lazım idi. Bir azdan sonra şeylər gətirildi. Leyla bir daha Raya xanıma müraciətlə: – Rica edirəm ki, özünü məhbus kimi hiss etməyəsən. İndi bu iki nəfərlə yeni mənzilinə gedə bilərsən. Leyla irəli yeriyib Rayanı öpmək istədikdə, Raya onu əli ilə rədd etdi, hacının evindən çıxdı. * * * XIII. Əminənin romanı Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü. Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi. Gecə saat ikinin yarısında fayton sürətini azaltdı, atlar dərindən köksünü ötürdü, fayton dayandı. Raya ancaq bu zaman öz qəlbinin çırpıntısını eşidə bildi. Faytonu iki nəfər orta yaşlı adam qarşıladı. Rayanın şeylərini faytondan götürüb üst mərtəbəyə qaldırarkən, bir nəfər gənc azərbaycanlı qızı da Rayanı başı ilə salamlayaraq qolundan tutub yuxarı apardı. Xidmətçi qız gözəl döşənmiş üç zəngin otağı Rayaya göstərərək rusca dedi: – Xanım, bu otaqlar sizin üçün hazırlanmışdır. Raya soyundu. Nazik ipək mantosunu çıxardığda xidmətçi qız alıb paltar şkafından asdı. Sonra Rayanın qolundan tutub otaqları gəzdirdi. Ona lazım olan hər şeyi göstərdi və hamamın hazır olduğunu bildirdi. Raya hamamdan çıxıb otağa gəldikdən bir neçə dəqiqə sonra xidmətçi qız onu şam süfrəsinə dəvət etdi. Raya yemək istəmirdi, çünki o, Haçının evində yemək yemişdi. Lakin o özü üçün düzəldilən bu həbsxananı tamamilə öyrənməyi və onu təfərrüatına qədər nəzərdən keçirməyi qərara aldığından, təklifdən boyun qaçırmadı. Balkonda düzələn şam süfrəsinə oturdu. Süfrə başında heç kəs yox idi, xidmətçi qız yeməkləri qonşu evdən gətirib stola düzür və çəkilib kənarda dururdu. Balkonun başqa tərəfində gözətləyən qoçu da, gözlərini Rayanın üzündən ayırmırdı. Raya yemək istəmir, süfrə ilə də maraqlanmırdı. Raya süfrə başında oturub uzağa və dərinliklərə baxır və Bakı gecəsini seyr edib düşünürdü. Yüksək binanın balkonundan Bakı mühitinə baxan Raya sanki gözü önündə geniş bir şəfəq tarlası görürdü. Dalğalara əyləncə kəsilən mayaklar, sevgilisini görmək istəyən və divar arxasından boylanıb baxan bir gəncin göz bəbəyi kimi parlayır yenə də gizlənirdi. Günəşin zühurunu xəbər verən dan ulduzu Narkin adasının başı üzərindən göründüyü zaman, kiçik ulduzlar da xülyapərəstlərin böyük arzu və ümidləri kimi sönüb gedirdi. Qaranlıqla işığın ölüm-dirim mübarizəsi başlandığı zaman, Raya da şam süfrəsi başında oturub bolşevik Bakısında gedən məfkurəvi və siyasi mübarizənin nə nəticə ilə qurtaracağını düşünürdü. Əminə kənardakı stulda oturub Rayaya baxırdı. Rayaya qarovul çəkən kişi isə əllərini qoltuğuna vurub gəzişir və dişindəki papirosa dərin güllab vururdu. Şəhərdə səs-səmir yox idi. Yalnız Təzəpir məscidinin minarəsindən gələn azan səsi eşidilirdi. Dan yeri sökülürdü, Raya birdən-birə üzünü çevirib süfrəyə baxdıqda, hər şeyin yerli-yerində donub qaldığını gördü və Əminəyə müraciətlə: – Süfrəni yığışdırın!—dedi.—Məni bağışlayınız, sizi yuxudan etdim. Raya qalxıb yataq otağına keçdi. Əminə hazırladığı çarpayını ona göstərdi və: – Bu otaq sizin yataq otağınızdır,—dedi. Raya yuxudan qalxanda saat bir idi. O, balkona çıxdığı zaman, Əminəni qapıda gördü. O, yuyundu və tualetini düzəldərək çay içməyə gəldi. Əminə çay tökub qarşısına qoyduqda, ona bir sual verdi: – Rahat ola bildinizmi? – Rahatlıq mümkündürmü? – Nə üçün? – Həbsxana həyatına alışınçaya qədər yuxlamaq mümkün deyildir. – Əcəba, buraya həbsxana demək olurmu? – Həbsxana deyil—nədir? – Gözəl, geniş, zəngin və əlverişli bir mənzilə həbsxana demək mümkündürmü? – Kiçik qız, mən əvvəlcə sənin adını bilmək istərdim. Əminə Rayanın bu təklifindən gülümsəyərək əl-əl üstə qoydu və düşünərək cavab verdi. – Adım Əminədir. – Gözəl Əminə. Sənin fikrincə zənginlik və gözəllik mövcud olan yerdə rahətlik, mümkündür. Yalnız sənin gördüyün dörd-beş otaq deyil, azadlıq olmayan böyük məmləkətlər belə azadlıq sevənlər üçün bir həbsxanadır. – Əcəba siz dünyanı bir həbsxanamı hesab edirsiniz? – Bəli! Dünya insanların çoxu üçün həbsxanadır. Sənin gördüyün bu otaqlarda hər bir şey varsa, bütün zənginliklərdən qiymətli olan azadlıq yoxdur. Nə Raya, nə də Əminə danışırdı. Əminə başını aşağı salıb durmuşdu. Raya isə gətirilən qəzetlərlə məşğul idi. Çox sükutdan sonra Əminə Rayadan soruşdu: – Qəzeti ucadan oxuya bilməzsiniz? – O sənin nəyinə lazımdır? – Dinləmək istəyirəm. – Özün oxuya bilmirsənmi? – Rus dilini anlayıram, danışıram, amma oxuya bilmirəm. – Çox əcəb, dinlə, oxuyuram. Raya «Bakinski Raboçi» qəzetini götürüb oxumağa başladı. Bir qədər oxuduqdan sonra Raya qəzeti stolun üstünə qoyaraq çayını içdi. Əminə isə ayaq üstə durub məqalənin gerisini dinləmək istəyirdi. Raya Əminəyə müraciətlə: – Sən mənimlə bərabər çay içə bilməzmisən?—dedikdə Əminə çiyinlərini çəkərək: – Xeyr!—dedi. – Nə üçün? – Ağam icazə verməz. – Ağanız kimdir? – O sizin nəyinizə lazımdır? – Əcəba, o adamın adını bilmək olmazmı? – Olar, ancaq buna icazə vermir. – Mən ağaya bir məktub yazsam göndərə bilərsinizmi? – Göndərə bilərəm. – Elə isə, qağız-qələm gətir! Əminə beş dəqiqədə hər şeyi hazır etdi, Raya xanım məktubunu yazmağa başladı. «Möhtərəm cənab! Azad edilməyim haqqında rica etməyəcəyəm, çünki bunun mümkün olmadığını bilirəm. Lakin sizdən ifası mümkün ola biləcək bir xahiş edəcəyəm. Mən günümü, ev xidmətçisi ilə keçirirəm. Həbsxana həyatının ağırlığını o qədər də hiss etmirəm. Lakin gecələr mənim üçün çox ağır keçir. Yabançı və həbsxana adı verilən bu binada gecə yalnız qalmaq olduqca çətin və əzablıdır. Çox rica edirəm ki, xidmətçi qızın gecələr mənim yanımda qalmasına icazə verəsiniz, zənn edirəm ki, bu ricam sizin məqsədinizə zərərverici bir rica deyildir». Əminə məktubu alıb getdi, Raya isə bir saata qədər stolun başında oturub düşünürdü. Əminə məktubun cavabını gətirdi. Lakin cavab çox qısa yazılmışdı. «Möhtərəm xanım! Rica etdiyiniz məsələyə mane deyilik. Ev xidmətçisi ailəli qızdır. Onu sizinlə keçələməyə məcbur edə bilmərik, özünüz onunla danışın. Özü buna razı olursa, biz ona bu xidmətinə qarşı pul da verə bilərik. Razı olmasa başqa xidmətçi təyin edə bilərik». Raya bu cavabdan artıq dərəcədə sevindi və Əminə ilə danışmağı qərara aldı. Əminə nahar vaxtı Rayanın otağına daxil olaraq: – Xanım, naharı gətirimmi?—dedikdə, Raya tələsik cavab verdi. – Gətir, bacım! Tez gətir! Əminə qara və dalğın gözlərini çevirib Rayanın üzünə baxdı və otaqdan eşiyə çıxdı. Əminə nahar xörəklərini stolun üstünə düzüb qayıdarkən Raya onu dayandırdı: – Dur! Sənə bir sözüm var!—dedi. – Nə sözünüz var? – Mən istəyirəm ki, sən də stolun başında oturub mənimlə nahar edəsən! – Heç ola bilərmi? Mən ev xidmətçisiyəm. – Ev xidmətçisi nahar yeməzmi? – Ağa buna icazə verməmişdir. – Ağa mənə yazdığı məktubda buna icazə vermişdir. Raya bu sözü deyərək ağanın məktubunu göstərdi və məzmununu ona dedi. Əminə xəfif bir gülüşlə: – İndi xanımın qulluğunda otura bilərəm!—dedi və gəlib Rayanın yanında oturdu. Raya Əminənin saçlarını sığallarkən Əminə titrəyirdi. Əminə Rayanın məhəbbətinə qarşı heç bir söz deyə bilmədi, ancaq üzünü çevirib Rayanın əlindən öpdü və gözləri yaşardı. Raya onun başını qaldırıb gözlərinin içinə baxdı və: – Gəl mənimlə birlikdə nahar yeyək,—dedi,—nə qədər ki, mən buradayam mənə bacılıq et! Məni burada yalnız buraxma! Bundan sonra mənə xanım da demə! Gecələri də mənim yanımda qal! Mən burada gecələr yalnız qalsam yəqin ki məhv olaram. Əminə bu sözlərə sanki inanmırdı. Rayanın onu bu qədər əzizləməsi ona çox qəribə gəlirdi. Əminə Rayanın dediklərinə razı oldu: – Ancaq bircə şərtim var,—dedi. – Nə şərtin vardır? – Məni bədbəxt etməyəcəsiniz. Bir hadisə baş versə bizim ikimiz də məhv olarıq. Sən bu adamları tanımırsan. – Sən əmin ol! Mən başqalarına zərər yetirsəydim, məni burada həbs etməzdilər. Nahar yeməyini bitirdilər. Əminə süfrəni yığdı və utana-utana Raya xanıma dedi: – İcazənizlə gedib evimizə xəbər verim, yenə də yanınıza qayıdım. – Bəlkə səni anan mənim yanıma buraxmadı, onda necə olsun? – Mən anamı, sizin yaxşı qız olduğunuza inandıracağam. Əmin ola bilərsiniz. Yarım saat çəkmədən qayıdacağam. Gecələr Gecə saat on ikidə Əminə ilə Raya şam yeməyini yedikdən sonra qapıları qapayıb yataq otağına girdilər. Raya soyunub çarpayısında uzanmışdı. Əminə isə durub baxırdı. Raya: – Nə üçün soyunub yatmaq istəmirsən?—dedikdə Əminə çiyinlərini çəkərək: – Elə-belə... yuxum yoxdur,—deyib durdu. Raya məsələnin nə yerdə olduğunu anladı və işin həqiqətini təyin edə bildi. Varlı ailədə xidmət etdiyinə baxmayaraq, Əminənin libası, xüsusən alt paltarı çox köhnə idi. O, bunun üçün də Rayanın yanında soyunmaqdan utanırdı. Raya yatağından qalxdı və kapotunu geyinib oturdu: – Əminə can, səndən bir ricam var, qəbul etməlisən! Raya bunu deyərək qalxdı və çamadanını açıb təmiz alt paltarlarını çıxartdı və dedi: – Götür, Əminə, bu paltarları geyin! Mən özüm də vaxtilə yoxsul olmuşam, sən də yoxsulsan, heç utanma! Əminə əllərini döşünə qoyaraq: – Çox razıyam,—dedi,—lakin ağadan qorxuram. Onlar mənim sizdən hədiyyə aldığımı bilsələr mənə cəza verərlər. Sizdən rica edirəm ki, bu hədiyyənin müqabilində ağanın adını məndən soruşmayasınız. – Soruşmaram! Sənə vicdanımla söz verirəm. Götür paltarları, geyin! Əminə paltarını dəyişərək yatağına uzandı. Onlar yata bilmirdilər; hər ikisi söhbəti haradan başlamağı düşünürdü. Raya Əminəyə sual verdi: – Əminə can, ayda nə qədər maaş alırsan? – Ayda, yediyimdən başqa beş manat maaş alıram. – Bu qədər az bir maaşla yaşamaq mümkündürmü? – Bu da olmasa neyləyərəm? Ailəmiz dağılmışdır. – Nədən dağılmışdır? Əminə dedi: – Əslinə baxsa, bizim ailəmizin dağılmasına özümüz səbəb olduq. Kimsədən inciməyə haqqımız yoxdur. Sözü əvvəldən başlayacağam. Bizim ailəmiz böyükdən kiçiyətən neft işində işləyənlər idi. Atam işdə şikəst olub, indi evdə yatır. Qardaşlarımın üçü də neft işində idi. Böyük qardaşım Ramanada Musa Nağıyevin mədənlərində işlərdi, o çox dilli bir oğlan idi. İşçilərin bütün tələblərini sahibkara qardaşım deyərdi. O heç nədən qorxmurdu. – Onu işdən qovmurdularmı? – Qovurdular. Lakin onu qovan kimi, işçilər, tətil edir və qardaşımı işə qəbul etdirirdi. – Qardaşının adı nə idi? – Heybət idi. Onun Qüdrət adlı gözəl və igid bir yoldaşı da var idi. İgidlikdə heç də Heybətdən geri qalmazdı. İşçilər Heybətin və Qüdrətin başına and içirdilər. Qüdrət hər istirahət günü Heybətlə bərabər bizim evimizə gələrdi. Son zamanlar onun mənə diqqət verdiyini hiss edirdim. Nədənsə mən də ona diqqət verməyə başlamışdım. Ancaq nə o məni dindirir, nə də mən onu danışdırırdım. Bir-birimizi sevirdik. Lakin bu sevgi gözlərdə və ürəklərdə idi. Biz heç vaxt ikilikdə oturmamışdıq. Anam da buna imkan vermirdi. Hətta Qüdrət olan zaman evdən kənar edirdilər. Günlərin birində yenə qardaşım Heybət Qüdrəti nahara qonaq gətirmişdi. Mən başımda şal, otağa girdim; gərək ki, su qabını götürmək istəyirdim. Rəhmətlik qardaşım məni səsləyərək: – Əminə,—dedi,—nə üçün gəlib oturmursan? Nə üçün Qüdrətdən qaçırsan? Gəl tanış ol! Sən avam qız deyilsən, özünü avamlara oxşatma! Gəl içəri, bacım, gəl! Mən heç bir söz demədim. Yerimdə quruyub qaldım, nə edəcəyimi bilmədim. Donub qalmışdım. Axırda rəhmətlik Heybət əlimi tutub Qüdrətin əlinə verdi. Mən bir təhər əlimi onun əlindən qurtarıb anam olan otağa qaçdım. Anam saçlarımdan tutub yerə yıxdı və o ki var söydü. – Bəs buna atan nə dedi? – O mane oldu. «Qızın yaxasından əl götür, dedi.—İndi ki, onlar bir-birini sevir, indi ki, iki qəlb bir-birinə yaxındır, qoy birləşsinlər, ailə qursunlar. Bəlkə də xoşbəxt ola bildilər. Qüdrət özü namuslu işçilərdəndir, ona inanmaq olar». Atamın bu sözü anamı sakit elədi. Amma o məni bir ay danışdırmadı. O mənim Qüdrətə ərə getməyimə razı deyildi, çünki Qüdrət kasıb idi. Atam Qüdrətə öz oğlu kimi baxmağa başladı. Artıq Qüdrət bizə gələndə bir yeyər və bir oturardıq. Nəhayət biz bir-birimizə söz verdik. Anam da razı oldu, çünki Qüdrət bizim öz tayımız idi. Məni Qüdrətə nişanladılar. Nişan gətirməyə adamı yox idi. Həmin bu barmağımdakı gümüş üzüyü də Qüdrət öz əlilə mənim barmağıma taxdı. Lakin biz bir aydan artıq nişanlı qalmadıq. Əminə bu sözdən sonra çox şiddətlə ağladı, danışa bilmədi. Raya isə onun saçlarını sığallayır və təsəlli verirdi. – Ağlama, gözəl Əminə, ağlama!—deyirdi.—Söhbətinə davam et! Məni öz maraqlı romanınla məşğul edirsən. Əminə davam etdi: – Qüdrətin nişan üzüyünü aldıqdan üç gün sonra mən həyətdə, quyudan su çəkirdim, anam pəncərədən başını çıxarıb məni çağırdı. Mən evə girdikdə üç nəfər başqa qadın gördüm, onların kim olduğunu və nə üçün gəldiklərini bilmədim. Ancaq onu gördüm ki, qadınlar mənim boy-buxunumu süzür, bir-birinin üzünə baxır və pıçıldaşırlar. Mən bir şey duymadım, lakin anam mənə tez-tez iş göstərir, müxtəlif şeyləri götürmək üçün göndərirdi. Mən sonradan bildim ki, bu qadınlar elçi imişlər. Məni görməyə gəlmişdilər. Qadınlar çox oturdular, anam mənim səliqəli və ağıllı qız olduğumu onlara cürbəcür sözlərlə deyirdi. – Xasiyyəti çox yumşaqdır. Sözə baxan və nəsihət eşidən qızdır. Evdardır, əl işində məharəti vardır. Hər cürə bişmiş bişirə bilir, az oldu, az yeyər, çox oldu, çox yeyər, gülər üzü, şirin dili vardır. Anamın söhbəti uzun çəkdi, mən həyətə çıxdım, su çəkməyə başladım. Qadınlar vidalaşıb getmək istəlikdə, anam məni yenə evə çağırdı. Mən içəri girdikdə, qadınlar ayaq üstə idi, birisi məni yanına çağırıb saçlarımı sığalladı və ağzımdan öpdü. Mən sonra bildim ki, qadın mənim ağzımı qoxulayırmış. Qadın ağzımdan öpdükdən sonra yoldaşına dönərək: – Ağız-burnu gül kimidir,—dedi. Qadınlar getdilər. Anam yerində quruyub qalmışdı. Mən də ayaq üstə durub onun üzünə baxırdım, anamın elçilərlə razılaşacağına inanmırdım. Çünki o mənim Qüdrətə nişanlandığımı və üzük götürdüyümü bilməmiş deyildi, bunu yalnız anam deyil, bütün məhəlləmiz və qohum qardaşlar bilirdi. Anam başını qaldıraraq mənə baxdı və: – Otur!—dedi. Oturdum, yenə hər ikimiz sükut etdik. Anam dedi: – Əminə, bunların kim olduğunu bilirsənmi? Mən: – Xeyr, bilmirəm,—dedim. – Bunlar sənə elçi gəlmişlər. Özləri də varlı evin adamlarıdır. – Onda işim yoxdur, ancaq bir qızı eyni zamanda iki ərə vermək olmaz! – Mən də bilirəm olmaz, lakin sən ərə getməmisən. Yalnız otuz qəpiklik bir gümüş üzük almışıq ki, yeyəsinə qaytara bilərik. Sən razı ol, Heybətin, filanın sözünə baxma! – Ana, sən özün düşün, bu rüsvayçılıq deyilmi? – Rüsvayçılıq bu deyil, iki çılpağın, iki acın bir-birilə evlənməsi daha böyük rüsvayçılıqdır. İstəmirəm ki, mən atanın evində çəkdiyim zəhməti sən də Qüdrətin evində çəkəsən. Heç bilirsənmi səni kimə istəyirlər? Qoçu Qurbanın bacısı oğlu Əlibalanı bütün Bakıda barmaq ilə göstərirlər. Xozeyinlərin yanında onun böyük hörməti var. Bir sözü iki deyil, bütün Ramana mədənləri Qurbanın əlindədir. Mən anamın sözlərinə cavab vermirdim. Ağlayaraq atam yatan otağa keçdim, atama xəbər verdim, o anamı çağırıb çox nəsihət elədi, lakin bir fayda vermədi. O deyirdi: – Qızımı, zəhərlərəm, boğaram, amma Qüdrətə vermərəm, acın birisinə ərə getməkdənsə qəbrə getmək yaxşıdır. Bədbəxtlik burasındadır ki, nə Qüdrəti, nə də qardaşlarımı görmək mümkün deyildi, çünki Musa Nağıyevin Ramana mədənlərində tətil başlanmışdı, qardaşım və Qüdrət gecə-gündüz mədən dairəsində idi. Onları tapıb dərdimi deyə bilmirdim. İki gün sonra elçiliyə gələn arvadlar üzük gətirdilər. Mən ağladım, qiyamət qopardım, lakin mümkün olmadı, üzük gətirən qadınlardan birisi: – Ağlını başına yığ!—dedi.—Əlibalanın üzüyünü geri qaytarmaq olmaz. Onlar dünyanı dağıdarlar. Üzük gətirən günün səhəri, rəhmətlik qardaşım Heybət paltarını dəyişmək üçün evə gəldi, mən heç bir söz demədən onun qolları arasına yıxılıb ağladım, məsələni açıq deməkdən utandım. Nəhayət, məsələnin nə yerdə olduğunu anam söylədi. Qardaşım çox uzun danışmadı. Qısaca dedi: – Mən sağ ikən qoçu Əlibala bacımı ala bilməz! Qabaqca məni öldürün, sonra! Mən onlarla mübarizə aparıram. Onlar tapança gücünə işçiləri Musa Nağıyev kimi alçaqlara təslim olmağa məcbur edirlər. Anam isə öz qızını götürüb elə canavarlara verir. Anam bir söz demədi, çünki o Heybətdən qorxardı. Heybət paltarını dəyişib getmək istədikdə üzümdən öpərək: – Ürəkli ol!—dedi.—Əminə, nə qədər ki, mənim nəfəsim gəlir, sənin başından bir tük də əskik olmaz. Bu əhvalatdan sonra Qüdrət daha bizə gəlmirdi. Mən onu görmək istəyirdim, ona deməli sözlərim var idi. Sözümdə sadiq olduğumu deməli idim. Lakin mümkün olmadı; onun başı tətil işlərinə qarışıq idi. Qardaşlarım və Qüdrət mədəni gözdən qoymurdular, çünki Musa Nağıyevin qoçuları—Qurban və sairləri İran fəhlələrini qorxudub işləməyə məcbur edirdi. Mən küçəyə çıxa bilmirdim. Qoçu Əlibala küçəmizə gəlib məni təqib edirdi. Qardaşım Heybəti axtarmağa məcbur oldum. Bunun üçün də Ramana mədənlərinə getdim. Mən mədənlərə getdiyim zaman Musa Nağıyev də şəhərdən gəlmişdi, mədənin qapısı çox basırıq idi. Qoçu Qurban, Əlibala, qardaşı Qafar, əmisi oğlu Canbaxış iranlı fəhlələri irəli verib deyirdilər: – Ağa Musa, bu kişilər işləməyə razıdır, beş-üç nəfər mane olan varsa, biz onları yerində oturdarıq. Bu vaxt Heybət irəli keçib Musa Nağıyevə yaxınlaşdı. Onun dalınca erməni və rus işçiləri dəstə ilə gedirdilər. Heybət səkinin üstünə qalxıb danışdı. – İranlı işçilər!—dedi.—Mədən sahibi sizin iranlı olmağınızdan, əlacsız və naçarlığınızdan istifadə edib öz şərtlərini yeritmək istəyir. Lakin siz bilməlisiniz ki, bu gün sahibkarın təklifinə razı olsanız, bir həftədən sonra sizə daha pis bir şərt təklif edəcəkdir. Siz qoçuların tapançasından qorxmayın. Onlar sahibkarlardan aldıqları maaş hesabına sizin ailənizi acından öldürmək istəyirlər. Lakin siz tətili pozmayın, bütün rus, erməni və sair millətlərdən olan işçilər sizin arxanızda durmuşlar. Heybətin bu sözündən sonra Musa Nağıyev işçilərə müraciətlə danışdı: – And olsun oğlum İsmayılın qəbrinə, mən talanıb-dağılmışam, var-yoxumu mədənlərin zərərinə qoymuşam. Ay qanmaz azərbaycanlılar, ağılsız iranlılar. Siz nə üçün bu ermənilərə, ruslara qoşulub məni dağıtmaq istəyirsiniz! Mən söz verirəm ki, bütün təkliflərinizə əməl edəcəyəm. – İnanmırıq! Bu sözləri çox eşitmişik... Səslər kəsilmirdi. Heybət səkiyə çıxıb əli ilə işarə etdi. Hamı susdu. Heybət işçilərin təkliflərini bir-bir saydı: – Paltar şkafları düzəlməlidir. Əlüzyuyan alınmalıdır. Xəstələri xəstəxanaya aparmaq üçün nəqliyyat verilməlidir. İşçilərin ailəsi sahibkar hesabına müalicə edilməlidir. İldə 15 gün sahibkarın hesabına işçilərə məzuniyyət verilməlidir. Heybət çox təkliflər etdi. Lakin Musa Nağıyev bunların hamısına bir neçə kəlmə ilə cavab verdi: – Mən dağılmışam. Mən özüm köhnə faytona minirəm ki, 20 qəpik əvəzinə 15 qəpik verim. İşçini faytonda xəstəxanaya göndərməyə pulum yoxdur! Bu sözlərdən sonra Musa Nağıyev faytona oturub getdi. İranlı işçilər də Heybətə və Heybətin yoldaşlarına qoşularaq mədən ətrafından çəkildilər. Mədənin qapısında yalnız Musa Nağıyevin qoçuları qaldı. Bu hadisədən 10 gün keçmişdi. Heybət axşam evə qayıtmadı. Biz yenə də zənn edirdik ki, Heybət mədən dairəsindədir. Səhər tezdən kiçik qardaşlarım qalxıb işə getdi. Bir az sonra qayıdıb xəbər verdilər ki, Heybət mədən dairəsində yoxdur. Raya xanım, başınızı ağrıtmaq istəmirəm. İki gündən sonra məlum oldu ki, qoçu Qurban və Əlibala Heybəti Musa Nağıyevin tapşırığı ilə öldürmüşlər. Heybətin meyitini evə gətirdilər, yoldaşları yığılıb gəldi, ağlaşma qopdu. Meyitin üstündə danışanlar da oldu. Pristav gəlib protokol yazdı. Lakin Heybətin qatilləri həbsə alınmadı. Avam işçilərdən bir çoxu Qüdrəti çağırıb polismestrə şikayətə göndərmək istədilər. Qüdrət: – Şikayət etməyəcəyəm,—dedi,—polisin xırdası da, böyüyü də birdir. Şikayətimizə baxmazlar. Çünki biz işçiyik. Heybət öldükdən sonra qardaşlarım Musa Nağıyevin mədənində baş saxlaya bilmədilər, xüsusən qoçu Əlibala nə Qüdrətə, nə də qardaşlarıma orada işləmək imkanı verdi. Onları mədənlərdən qovdular, axırda erməni işçilər onları Mantaşevin mədənlərində işə düzəltdilər. Çox qəribədir ki, qoçu Əlibala qardaşımı öldürməklə də yaxamdan əl çəkmədi. Mənə evdən bayıra çıxmaq imkanı vermirdi. Məni götürüb qaçmaq istədi. Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. Həmişə deyirdi ki: «Hələlik işçinin qeydinə qalan bir hökumət yoxdur. İşçi gərək özü öz qeydinə qalsın. Qoy bu hökumət Heybətin qatillərini saxlasın. Mən özüm onları mühakimə edəcəyəm. Atam Qüdrəti məzəmmət edərək deyirdi: – Sən heç vaxt bu xəyallara düşmə, hökumətlə bacarmaq olmaz. İndi ki, o, qoçuları və qatilləri müdafiə edir, bizim əlimizdən nə gələr. Bir təhər yola gedin. Lakin bu sözlər Qüdrətin qulağına girmirdi. Bazar günü idi. Qüdrət istirahətdə idi. O bizə gəlmişdi. Erməni, rus yoldaşlardan bizdə var idi. Axşam qonaqlar getdikdən sonra, Qüdrət də qalxıb getmək istədi. Mən onu yola salmaq üçün eşiyə çıxdım. Qüdrət qapıda mənim əllərimdən tutaraq: – Əminə, salamat qal!—dedi.—Bu gün son görüşümüzdür. Gedirəm, sağ qayıtsam yenə görüşərik. Amma bu sözlərimi heç kəsə söyləmə, sənə tapşırıram, bu sözləri nə atana, nə anana söylə! Qüdrət ömründə ilk dəfə idi ki, mənim dodaqlarımdan öpdü və ayrıldıq. Mən olduğum yerdə quruyub durmuşdum. Nə edəcəyimi bilmirdim. O, gözdən qeyb oluncaya qədər dalınca baxırdım. Evə qayıtdım. Qüdrətin tapşırığına əməl etdim və dediklərini kimsəyə söyləmədim. İki gündən sonra kiçik qardaşım Heydər tələsik evə gəldi və atama dedi: – Ata, gözün aydın olsun. Balaqardaş ilə Qüdrət Heybətin qanını aldı. Atam soruşdu: – Kimdən? Heydər hadisəni təfsilatı ilə danışdı: – Axşam yenə qoçular mədən qarşısında vuruşma saldılar. Onlar Heybətin yoldaşlarını söyərək «Heybəti yerinə göndərdik. Sizi də göndərəcəyik»—dedilər. Qüdrət Əlibalanın qabağını kəsərək ona dedi: – Yaxşı olardı ki, Heybətin adını çəkməyəydiniz. İndi ki, onun adı çəkildi, mənim boynuma təklif gəldi. Sizə cavab verməyə məcburam. Əlibala güldü və əlini atıb Qüdrətin boğazından tutmaq istədikdə Qüdrət ona bir şillə vurdu. Bu halda Əlibala əlini tapançaya atdı. Qüdrət bıçaq ilə onun ürəyindən vurub yıxdı, bütün qoçular Qüdrətin üstünə töküldü, Heybətin yoldaşları da Qüdrətin köməyinə gəldilər. Gözünə döndüyüm Balaqardaş, Əlibalanın qardaşı Qafarı və əmisi oğlu Canbaxışı o saat vurub böyrü üstə yıxdı. Heydər bunları dedikdə atam başına vuraraq: – Evimiz yıxıldı, dedi,—uşaqları tutub Sibirə göndərəcəklər. Elə də oldu. Balaqardaşı və Qüdrəti tutub Sibirə göndərdilər. Əminə söhbətini bitirdikdən sonra ağladı və Raya ona təsəlli verərək dedi. – Gözəl Əminə, zəmanəmiz belədir. Xalqın qeydinə qalanları ya öldürər, ya da həbs edərlər. İndi de görüm, kiçik qardaşın Heydər nə işdədir? – Nə işdə ola bilər? Ona olmazın əziyyətlər verdilər. Heç yerdə iş vermədilər. «Tayfalıqla dikbaşsınız» deyə rədd etdilər. Nəhayət, rəhmətlik Heybətin öyrətdiyi erməni şəyirdi yaxşılığı unutmadı. Heydəri öz yanına apardı. İndi Heydər onun əlinin altında işləyir. Daha ona sataşa bilmirlər. Çünki erməni və rus işçiləri də Heybətin xatirinə Heydərə çox hörmət edirlər. Bütün işçilər deyir ki, «Heydər də Heybətin yerini tutacaqdır». Doğrudan da belədir. O, həmişə qabaqda getmək istəyir. Sahibkarın və mədən müdirlərinin yanında yenə ilk danışan Heydərdir... Əminə Rayanı səslədi: – Raya bacı, yatmısanmı? – Xeyr, yatmamışam! Yatmaq da istəmirəm. – Siz danışın görüm, sizi nə üçün gətirib buraya salmışlar! – Mən də sənin rəhmətlik qardaşın Heybət gedən yol ilə gedirdim. Mən də istəyirəm ki, Heybətin müdafiə etdiyi minlərcə əməkçi xalq azad yaşasın. Əməkçilərin müqəddəratı, qoçuların və sahibkarların əlində olmasın. – Siz bolşevikmisiniz? – Sən bolşevikləri nə tanıyırsan? – Atam, rəhmətlik Heybətə bolşeviklərdən danışardı. Heybətin özü də bolşevik idi. – Sən bolşevikləri sevirmisən?! – Niyə sevmirəm?! – İndi ki, sevirsən, gəl biz də yoldaş olaq. Bu sözlərdən sonra onlar yuxuladılar. Əminə axşam saat on birdə Stanislavski küçədə gəzib doktor Araratyanın evinə gəlib-gedənləri gözdən keçirirdi. Əminə nə qədər diqqət versə də Rayanın tərif etdiyi qızı görə bilmirdi. Küçədə, erməni burjuylarını «Metropol»a və klublara aparan fayton təkərlərinin səsindən başqa heç nə eşidilmirdi. Təkərlər şuluqluq günlər kimi çox sürətlə dönür və Telefonnı küçəyə doğru gedirdi. Küçə səkilərindən keçənlər yalnız bir məsələ üzərində mübahisə edirdilər: – İngilislərin gəlməsi doğru imiş. – Ola bilməz! Türklər çox yaxındadır. – Çox da, yaxındadır, menşevik və eserlər qalib gəlir. – Bolşeviklərin yıxılmasına az qalmışdır. – Görəsən buna, bizim daşnaqlar nə deyir! – Nə deyəcək? Bizimkiləri tanımırsanmı? Yarısı türklərin, yarısı ingilislərin tərəfindədir. – Türklərin? – Türklərin! – Əlbəttə ki, biz—varlılar üçün bolşeviklərdən türklər məsləhətdir. Əminə bu sözləri dinləyir və Araratyanın qapısını güdürdü. İki saat gəzdikdən sonra Əminə Araratyanın böyük lampalarla işıqlanmış qapısından uca boylu bir qızın sürətlə çıxıb qaranlıqlara qarışdığını gördü. Əminə mütərəddid addımlarla irəliləyib qızdan soruşdu: – Sizin adınız nədir?! Ester çiyninin üstündən Əminəyə baxdı və: – Sənin nəyinə lazımdır?—dedi. – Mən deyən adam olsanız gətirdiyim mühüm bir məktubu sizə təslim edəcəyəm. – Məktubu kimi üçün gətirmisən? – Axtardığım qız üçün! – Axtardığın qız kimdir? – Uca boylu, qalın və enliqaş, yumru və qaragöz, qıvrım və qarasaç, sağ tərəfdə dodağının üstündə qara xalı olan bir qızı axtarıram. – Belə qız Bakıda yüzlərcədir. Bu nişanlarla heç kəsi tapa bilməzsən. – Evləri də Stanislavski küçədədir. – Bu küçədə azmı qız var?! Sən gərək qızın adını deyəsən. – Onu siz deyin. – Mənim adım Esterdir. – Mən də sizi axtarırdım. Alın, bu məktub sizə çatacaqdır. Yardımsız və yazıq bir qız göndərmişdir. Səni həzrəti-İsaya and verirəm: ona kömək elə. Hərgah köməyin mümkün olmasa, zərərin də dəyməsin. Ester məktubu alıb paketin üstünü oxudu. Raya tərəfindən yazıldığını bildi və özünü itirdi. Əminənin əlindən tutaraq: – Gəl, mənim dalımca gəl! Gəl mənim otağıma!—dedi. Əminə onun üzünə ehtiyatlı bir nəzərlə baxdı, tərpənmədi. Ester onun qorxduğunu hiss edərək: – Sən heç qorxma. Mənim otağımda sənə heç bir zərər dəyməz. Gəl, bacım, gəl!—deyə Əminənin qolundan tutub otağına apardı. Ester lampanı yandırdı. Ürək döyüntüsü ilə məktubu oxumağa başladı. «Mehriban Ester! Heç şübhə yox ki, sən də mənim Şimali Qafqaza getdiyimə inanmısan. Buna haqlısan, çünki mən Leylanın təhriki ilə hərəkətə gəlmiş «müsavat» qoçularının təhdidləri ilə Tiq-Çonsona məktub yazıb, Şimali Qafqaza getdiyimi xəbər vermişdim. Ester! Mən Ağabala Quliyevin evində həbsə alınmışam. Çünki mən Leylanın osmanlı casusu olduğunu, həm bolşeviklər, həm menşeviklər və həm də ingilislər əleyhinə çalışdığını bilmişdim. Buna görə də Leyla məni həbsə aldırdı. İndi vəziyyət qorxuludur. Qəzetlərin yazdığına görə şəhərdə qorxulu hadisələr gözlənir. Bir hadisə baş versə, mən bu qoçuların əlindən salamat qurtara bilmərəm. Ester, səndən çox rica edirəm, mənim buradan qurtarmağım üçün çarə düşün! Göndərdiyim qıza inana bilərsən. Mən xilas olana qədər bu məsələni Leyla bilməməlidir. Səni sevən Raya». Ester əlləri ilə başını tutub şiddətlə ağladı. Əminə də ağladı. Əlini onun çiyninə vuraraq: – Ağlamaq fayda verməyəcək. O, məndən cavab gözləyir,—dedi. Ester qalxdı, otaqdan çıxarkən: – Gəl dalımca!—deyə Əminəni özü ilə bərabər apardı. Çox getdilər, Əminə dayanıb Esterə dedi: – Burada mənə bir şey olmaz ki? – Əmin ola bilərsən. Səni namuslu bir işçinin yanına aparıram. Hər ikisi Zavaqzal küçəsinə doğru gedirdi. Çox qaranlıq idi, qarşıdan bir qaraltı göründükdə Ester Əminəni dayandırıb: – Dur!—dedi.—Özüdür. Ona oxşayır. – Kimdir? – O mənim tanışımdır. Onunla burada görüşmək üçün sözləşmişdik. – Ermənidirmi? – Ermənidir. Lakin sən eşitdiyin və sənin qorxduğun ermənilərdən deyildir. Uzaqdakı adam öskürdü. Ester də iki kərə öskürərək ona cavab verdi. Qaraltı yaxın gəldi. Esterin əlini sıxdı, Ester bütün əhvalatı Vahana danışdı və Əminənin məktub gətirdiyini söylədi. Vahan Əminənin əlini sıxdıqda: – Mən bir azərbaycanlı qızın əlini əlimə alırkən təsvir edilməz dərəcədə sevinirəm,—dedi. Əminə Vahana sual verdi: – Siz bu xanımı sevirmisiniz? – Əlbəttə, sevirəm! – İndi ki, belədir, səni bu xanımın canına and verirəm, o qızın qurtarmasına çalış! Bizim qeydimizə qaldığı üçün onu məhv edirlər. Vahan soruşdu: – Qeydinizə qaldığını nədən bilirsiniz? – O qız, qardaşımın və onun yoldaşlarının intiqamını almaq istəyənlərin birisidir. – Qardaşın kimdir?! – Qardaşım Musa Nağıyevin Ramanadakı mədənlərində işlərdi. – Adı nə idi? – Heybət! Əminə bunu deyəndə şiddətlə ağladı. Vahan da ağlayaraq əlləri ilə başını tutdu, Ester heyrət etdi. O öz-özünə «Əcəba, Heybət kimdir? Vahan nə üçün bir nəfər azərbaycanlı işçi üçün ağlayır?»—deyə düşündü. Vahan Əminəyə dedi: – Əcəba, dəfələrlə qabağına çay-çörək qoyduğun adamı tanımırsanmı? – Mən haradan tanıya bilərəm?! – Mən sənin qardaşın Heybətin şəyirdi Vahan deyiləmmi? O, işsiz vaxtımda məni gətirib evinizdə yedirməzdimi? İnqilabi fikirləri mənim başıma ilk dəfə Heybət salmadımı? Əcəba sən indi, Heydərin yoldaşı Vahanı tanımırsanmı? Vahan, Ester və Əminə Zavaqzal küçəsindəki qum təpənin üstündə oturub düşünürdülər. Vahan Bakıya gəldiyi gündən bu günə qədər bütün sərgüzəştini xəyalından keçirməyə başlamışdı: Vahanın anasını 1906-cı ildə daşnaqlar öldürmüşdü. O zaman Vahan hələ kiçik idi. Qarabağda Qarqar çayının kənarında quzu otarırdı. Vahanın yeznəsi Ayrapet Bakıda Ramana mədənlərində işləyirdi, bacısı da Bakıda yaşayırdı. Vahan iki quzu satıb yol pulu etdi və kiçik vaxtında Bakıya işləməyə gəldi. Vahan aylarla iş tapa bilmədi. Çünki şəhərdəki toqquşmalar nəticəsində mədənlər yandırılmışdı, qalan mədənləri isə sahibkarlar bağlayıb işçiləri çölə tökmüşdülər. Vahan yeznəsi Ayrapetin evində qalırdı, Ayrapet də işsiz idi. İş olsa da onun işləməyə qüvvəti yox idi, çünki o vərəm xəstəliyinə tutulmuşdu. İşləyə bilmədiyindən Musa Nağıyevin mədən müdiri onu evdən də eşiyə salmışdı. O artıq Sabunçuda Haçı Qılmanın xaraba bir dükan yerində yaşayırdı, həm Vahan, həm də Ayrapetin balaları yeməyə çörək tapa bilmirdilər. Günün birində Ayrapet öldü. Onun iş yoldaşları yığılıb meyitini basdırdı, lakin uşaqlarına və arvadı Şuşanikə kömək edən yox idi. Şuşanik və Vahan dizlərini qucaqlayıb oturmuşdu. Bir nəfər işçi içəri girdi. Ayrapetin uşaqlarına ayaqqabı, paltar və yemək gətirmişdi. Şuşanik işçini qardaşı Vahanla tanış edərək: – Bu oğlan rəhmətlik Ayrapetin şəyirdi Heybətdir,—dedikdə,—Heybət onun kefini; işini soruşdu və yanına salıb mədənə apardı. Onu işə düzəltdi, onun maaşı ilə Ayrapetin uşaqlarını saxladı və Vahanın özünü də evlərində saxladı. Vahan bunları düşünürkən sanki Heybət onun qarşısında durub deyirdi: – Vahan, sən kimsədən qorxma! Nə sözün olsa, kim səni incitsə mənə xəbər ver. Mən sənin yeznən Ayrapeti unutmayacağam. O rəhmətlik mənə nə yaxşılıq etmişsə, mən də sənə edəcəyəm. Mənə öyrətdiyini sənə öyrədəcəyəm. Vahan sanki bu düşüncədən yeni bir qüvvət aldı və tələsik qalxdı: – Mən də Ayrapetin və Heybətin yolu ilə gedirəm. Heybət mənə öyrətdiyini Heydərə öyrədirəm. Bu sözdən sonra Əminə sual verdi: – Doğrudan da sən Heydərin ustası Vahansanmı? Vahan məzhun halda cavab verdi: – Bəli! Mən haman Vahanam, Heybətin və Qüdrətin şəyirdiyəm. Əminə ağlamsınaraq. – Qüdrət mənim nişanlım idi,—dedi. Rayanın həbsdən qurtarması barəsindəki söhbəti bitirdilər. Müəyyən bir qərara gəlib ayrıldılar. Əminə ilə Ester evə gəldi. Ester Rayanın məktubunun cavabını yazdı. «Əziz dostum, Raya! Sənin yazdığın qəmli məktubu aldım. Bu barədə tanışım Vahan ilə danışdım. Tezliklə səni qurtarmaq üçün adam gələcəkdir. Hər işi Əminədən xəbər ala bilərsən. Leyla barəsində kimsəyə danışmayacağam. Nigaran qalma. Sən azad olandan sonra onun cəzasını verəcəyik. Öpürəm Ester» * * * XIV. Sui-qəsdlərin vahid cəbhəsi İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi. Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar. Bu iclas, Bakını Sovetlər respublikasından ayırmaq, onu İngiltərə kapitalistlərinə hədiyyə vermək və Sovetlər respublikası sənaye müəssisələrini yanacaqdan məhrum etmək haqqında qərar verəcəkdi. Müxtəlif partiyaların rəhbərləri vahid bir əqidəyə gələrək «hər kəs olur-olsun, bolşeviklər olmasın» şüarı ilə birləşirdilər. Onlar Bakı proletariatını ingilislərə satmağı qət etdilər. Gürcü menşeviklərinin Tbilisidən yol verdikləri osmanlı-alman ordusu Bakını işğal etməmiş Bakı menşevikləri də ingilisləri gətirməyə çalışırdı. Son iclasda bolşevik hakimiyyəti əleyhinə olası çıxışların tezisləri paylandı. Elçiyanın evindəkilər, hər işi qurtardıqdan sonra faytonlara oturub Bakı Sovetinin iclasına gəldilər. Ağ yaxalıqlı və qara fikirli rəhbərlər müttəfiq halda iclas salonuna daxil oldular. Sadovski boynunu o tərəf-bu tərəfə uzadaraq salonu gözdən keçirtdi və Ayollonun qulağına pıçıldadı: – Yaman deyil,—dedi,—bizimkilərin hamısı buradadır. O, Leyla xanıma müraciətlə: – Siz indi işçilər arasında bizim nüfuz və hörmətimizi və bolşeviklərin nə qədər zəif olduğunu görəcəksiniz. Siz burada mühüm simalarla tanış olduğunuzu və ingilislərin Bakıya təşrif gətirmələri üçün tam zəminə hazır olduğunu yəqin edəcəksiniz. Bu iclas bizim hökumət təşkil etməyimiz üçün əhəmiyyətli bir siqnaldır. Bizim və dostlarımızın səadəti bu gecədən başlamış olur. Çox arzu edərdim ki, siz həmin səadətdən böyük bir hissə aparaydınız. Siz gənclik həyatınızı işıq və zəngin bir dünyada keçirəydiniz. Siz öz varlığınızla başqalarına da kömək edəydiniz. Lakin sizin başqasına bağlı olduğunuz mənim bu ümidlərimi tamamilə qırmış olur. Leyla xanım onun əlini sıxaraq dedi: – Siz heç bir zaman gələcəkdən ümid kəsməyin. İnsanı yaşadan ancaq bir ümiddir. Bunu da bilməlisiniz ki, hazırkı günlərimiz mübarizələrlə doludur. Buna görə də indi hər kəs tək-tək şəxsiyyətlərə yox, ümumi hadisələrə bağlıdır. Hər kəs mühitdən və siyasi cərəyanlardan asılıdır. Leyla xanımın sözləri Sadovskini qismən razı salmışdı. O, salona baxırdı. Öz adamları gəldikcə göz işarəsi ilə onları münasib yerlərdə əyləşdirirdi. Xəyanətçilər bir yerdə oturmamışdılar. Onlar sirayətedici xəstəliklər kimi iclas salonunun hər tərəfinə yayılmışdılar. Ayollo hansı tərəfin nə qədər səs alacağını əvvəlcədən bilir və barmaqları ilə Elçiyana işarə edib gülürdü. Gözlərdən, nəfəslərdən və hərəkətlərdən də tarixi bir xəyanət lövhələri görünürdü. Menşeviklər, daşnaq və eserlər çirkin işlərinin ilk səhifəsini açmaq üçün tələsirdilər. Çünki onların adamlarının hamısı gəlmişdi. Bolşevik rəhbərləri də bu vəziyyəti bilməmiş deyildi. Onlar bu xəyanətin hansı yollarla gəlib bu mərkəzə topladığını gözəlcə bilirdilər. Şaumyan və Alyoşa Caparidze menşevik dili ilə danışılacaq ingilis sözlərini son hərfinə qədər bilirdi. Bolşevik rəhbərləri bu iclasda əksəriyyət qazana bilməyəcəklərini də bilməmiş deyildilər. Çünki Bakı Kommunasının süqutuna səbəb olan bir sıra səbəblər vardı. Bir tərəfdən ingilislər, o biri tərəfdən osmanlı-alman ordusu Bakı qapılarındadır. Cəbhədə, ordu arasında pozğunluq var. Menşevik və daşnaqların təbliğatı nəticəsində qoşun hissələrindən bəziləri müharibədən boyun qaçırır, «Qafqazdakı müharibələr milli müharibədir» deyə menşeviklərə aldanır və Sadovskilərin dediyini təkrar edirdilər. Bir tərəfdən də aclıq idraksız işçilərin menşevik qərarkahına keçməsinə səbəb olurdu. Nobel müəssisələrində çalışan minlərcə işçilər menşevik və esserlərin təbliğatına qapılaraq, başqalarını da öz dallarınca aparmağa səy edirdilər. Bu günə qədər milli qırğınlar təşkil edərək erməni-müsəlman xalqını bir-birinə qırdıran «müsavat» və daşnaq liderləri də bolşeviklər əleyhinə birləşir, osmanlı ordusunun Bakını almasına çalışır və Vəhib paşanın tələblərinə boyun əyirdilər. 1918-ci il, iyul ayının 26-da açılan tarixi və həlledici iclasda bolşeviklər bu cür ağır vəziyyətdə idilər. Bakı Kommunasını və proletar hakimiyyətini silahlı qüvvə ilə müdafiə etmək və bolşevik düşmənlərini susdurmaq da mümkün deyildi. Çünki kommunanın istinad etdiyi silahlı qüvvə qələbəyə ümid vermirdi. Cəbhədə osmanlı-almanlara qarşı vuruşan Biçeraxovun bir əli ingilislərin, bir əli də Şimali Qafqazda bolşeviklər əleyhinə mübarizə aparan ağ generalların ətəyində idi. Biçeraxovun osmanlılara qarşı apardığı mübarizənin başlıca məqsədi Bakını ingilislər üçün müdafiə etməkdən ibarət idi. Biçeraxov əlverişli şərait tapdıqda silahını bolşeviklərə qarşı çevirə bilərdi. Şəhərdə və cəbhədə olan erməni batalyonları da cəbhəni buraxır, ingilis və osmanlı tərəfdarları deyə iki hissəyə ayrılır, daşnaqların ikiüzlü siyasəti nəticəsində pozulub dağılırdı. Bolşeviklər ancaq mərkəzdən göndərilən həqiqi bolşevik qoşununa, Petrovun dəstəsinə arxalana bilərdi, lakin bu dəstə dörd tərəfdən tökülən düşmənlərin qarşısında qüvvətsiz bir şey idi. Bolşeviklərin bunları nəzərə almayaraq ikinci dəfə silahlı mübarizəyə qalxması, osmanlı-alman ordusu tərəfindən Bakının işğalını yaxınlaşdıra bilərdi. Bakı bolşevikləri üçün yeganə bir yol varsa, o da Bakı Kommunası süqutunun səbəblərini Bakı proletariatına göstərmək və xainlərin iç üzünü açmaqdan ibarət idi. 1918-ci il iyul ayının 26-da gündüz saat iki əlli dəqiqədə iclas açıldı. Sadovski, tarixi lənətlərlə dolu xatirat dəftərçəsini çıxartdı, karandaşını nə qədər axtardısa tapa bilmədi. Axırda xatirat dəftərçəsini Leyla xanıma verərək: – Lütfən dediyimi yazın,— dedi. İclası Alyoşa Caparidze açdı. Köynəyinin yaxasını açaraq, iri və yumru gözləri ilə salonu nəzərdən keçirtdi, hər şeydən əvvəl hansı təşkilatdan nə qədər üzvün iştirak etdiyi yoxlandı. Yoxlama başlanarkən Sadovski Leyla xanımın qulağına pıçıldadı: – Yazın! Mərkəzi Sovetdən 154 üzv. Dairə Sovetlərindən 122 nəfər. Mərkəzi Kaspi üzvlərindən 13 nəfər. Hərbi inqilab komitəsi üzvlərindən 16 nəfər. Gəmi komitələri üzvlərindən 43 nəfər. Sonradan gələnlər 79 nəfər. Hamısı 459 nəfər1. Sadovski xatirat dəftərçəsini Leyla xanımdan alıb mülahizə etdikdən sonra sevinərək Leyla xanıma dedi: – Bakıda bolşeviklər artıq yoxdur. Leyla təəccüblə soruşdu: – Nə üçün? – Çünki onlar səs qazana bilməyəcəklər, azdırlar. Alyoşa sözə başlayaraq: – Bugünkü iclas bizim keçən iclasımızın davamıdır,—dedi.—Nəhayət, biz bu gün mühüm bir məsələnin həllinə başlayırıq. Həll etmək istədiyimiz məsələ siyasi və hərbi vəziyyətdən ibarətdir. Bu barədə danışmaq üçün söz verilir Mərkəzi hökumət nümayəndəsi Stepan Şaumyan yoldaşa. Şaumyan yerindən qalxdığı zaman salonda bir kürultu başladı, sanki bütün iclas yerindən qalxdı. Şaumyan çox sakit halda xitabət kürsüsünə yanaşarkən, Ester əlini Avetisovun əlindən çəkərək Şaumyanı diqqətlə dinləmək üçün kənara oturdu. Leyla bunu gördükdə, o da Sadovskinin yanından qalxaraq, Estera yanaşdı və onun qulağına pıçıldadı: – Ester, sənin bütün hərəkətin göstərir ki, bolşevikləri sevirsən. Mən də sevirəm, gəl onları birlikdə dinləyək. Doğrusunu de, belə deyilmi? Ester Leylanın üzünə baxdı, bu baxış Leylada heyrət oyatdı. Çünki o, heç vaxt Esterin, özünə qarşı belə bir vəziyyət aldığını görməmişdi. Ester yanakı baxaraq dedi: – Leyla, yaxşı olar ki, biz öz gizli simamız haqqında danışmayaq. Əlaqəmiz pozular. Həm də bu söhbətlər sənə fayda verməz. Hələlik bunun vaxtı deyil. Sağlıq olsa, bu barədə müfəssəl danışar və müəyyən qərara gələrik. Leyla bu sözləri Esterdən ilk dəfə eşidirdi. Esterin sözlərindən şübhə yağırdı. Leyla Esterin gizli sirlərə yol tapdığını hiss edərək qorxdu. – Eybi yoxdur,— dedi,— sonraya qalsın. Hələlik nitqi dinləmək lazımdır. Şaumyan öz adəti üzrə çox asta başladı: – Mənim təşəbbüsüm nəticəsində keçən dəfə geniş iclas çağırıldı, — dedi,—haman iclasda Rusiya və Zaqafqaziyada hərbi və siyasi vəziyyət barəsində məsələ qoyuldu. Mən son vaxtlarda sıramızdakı pozğunluğu, xüsusən Xəzər donanması komitəsinin ingilisləri Bakıya dəvət etmək haqqında çıxardığı qərarı nəzərdə tutmuşdum. Keçən iclasımızda ingilisləri çağırmaq ya çağırmamaq məsələsində dayandıq... İclas salonunda qeyri-adi bir vəziyyət törədi. «İngilisləri çağırmaq» sözü İngiltərə imperializminin yeni lakeylərinə ruh verdi. Onlar qalxıb yenidən oturdular. Bəziləri qabaq stullara, bəziləri də biri digərinin yanına keçdi, daşnaq rəhbərləri arasına qaynaşma düşdü. Şaumyan sözünə davam edərək dedi: – Mən bir çoxlarının, xüsusi daşnaqsütyun partiyası nümayəndələrinin «hökumət nümayəndələri Sovet qarşısında qoyulması lazım olmayan bir məsələ qoyur» deyə irad etdiklərini eşitdim. Mən Zaqafqaziyadan ötrü qəti inqilabi əhəmiyyəti olan məsələlər ətrafında gizli təşviqat aparıldığını bildiyim üçün bu məsələni müzakirəyə qoydum. Bizim düşmənlərimiz bu məsələni müzakirəyə qoymuş və Xəzər donanması kimi mühüm bir idarədə özü üçün müdafiəçilər tapmışdır. Mən donanma, ordu və eyni zamanda bütün inqilabi qüvvələri öz ətrafında birləşdirən proletar idarəsinin də bu təşviqatla maraqlanması və öz sözünü deməsini qət etdim. Salonda tam bir sükut hökm sürürdü. Şaumyan əsas məsələyə yaxınlaşırdı, onun qəti sözünü dinləmək üçün hamı diqqətini toplamışdı. Şaumyan təəssüfedici bir ifadə ilə dedi: – Bir halda ki, bizim sıramızda nifaq və şiddətli mübarizə var, bizi heç bir ingilis müdafiə edə bilməz. Gəlin ingilisləri dəvət etmək məsələsini gündəlik müzakirədən çıxaraq. Şaumyan bu sözündən sonra sağ daşnaq, sağ eserlərə və menşeviklərə baxdı. Onlardan bir səs çıxmadı, buna görə də sözünə davam etdi: – Sovet hökuməti bizə çoxlu ləvazimat göndərir, bu gün Həştərxandan beş barj vəsait gələcək. Bu gələn ləvazimat 80 top, 160 pulemyot, 10000 tüfəng, 200000 patron, əlbisə və bir çox sair şeylərdən ibarətdir. Rusiya bu günə qədər bizdən heç bir şey əsirgəməmişdir. Yenə də əsirgəmir və indi də hər cür qüvvə verməkdən boyun qaçırmır. Yaxşı olar ki, yabançılarla əlaqəyə girişməkdənsə, yenə Sovetlər Rusiyasına müraciət edək. Menşevik, sağ daşnaq və sağ eserlər Şaumyanın bu sözünə etina etmədilər. Onlar yenə də bir-birilə burunlaşmağa və etinasız nəzərlər ilə Şaumyana baxmağa davam etdilər. Bu etinasızlıq Şaumyanın mətanətini qıra bilmədi, o bir daha düşmənlərə müraciətlə: – Rusiyadan bizə kömək gəlincəyə qədər öz proletar qüvvəmizi, ordunu və donanmanı səfərbərliyə alaq! Mən Mərkəzi hökumətlə əlaqəni kəsməmək üçün ingilislərin dəvəti məsələsini gündəlik müzakirədən götürməyi təklif edirəm. Gəlin ingilisləri dəvət etmək məsələsi əvəzinə Rusiya Sovet hökumətinin yardımı və ümumi qüvvə ilə cəbhəni müdafiə məsələsini müzakirə edək. Sürəkli alqış gurultusu salonu bürüdü. Leyla xanım dərin düşüncəyə dalmışdı. O, ingilislərin türklərdən əvvəl Bakını alacağını yəqin etmişdi. O, bu günə qədər ingilislərin gəlməsinə inanmırdı, lakin bu gün, türklərə qarşı yeni və qüvvətli bir maneə çıxacağını düşünürdü. O yerindən qalxıb Sadovskinin yanında oturdu və qulağına pıçıldadı: – Demək ki, bizim son görüşümüzdür,—dedi,—iclas da bunu göstərir. Belə deyilmi?—Sadovski soruşdu: – Nə üçün? – Çünki ingilislər Bakıya gəlir. Bahadır xan həzrətləri də gələcəkdir. Ondan sonra biz görüşə bilmərik. Çünki o, çox qısqancdır. Sadovski bir az düşünərək dedi: – Siz bunu mənə nə üçün vaxtında söyləmədiniz? İndi ki, siz mənimlə səmimi yaşamaq fikrində deyildiniz açıq söyləməli idiniz. İndi mən nə edə bilərəm? İş ki, gəlib bu yerə çatmışdır, mən fraksiya nümayəndələrinə nə deyə bilərəm?! – Mən işin həqiqət olacağına inanmırdım, çünki sizin nəticəsiz iclasınız, məqsədsiz danışıqlarınız həddindən çoxdur, siz öz əliniz və öz iqdamınız ilə ayrılmağımıza səbəb oldunuz. Məni ölənə qədər əzablar içərisinə saldınız. Sadovski Leyla xanımın əllərindən tutub yalvarıcı və tövbəedici halda dedi: – Mənim mələyim, gecdir, iş-işdən keçmişdir. Mən sənin uğrunda heç bir fədakarlıqdan çəkinməzdim. Lakin məsələlər fraksiyalarda həll edilmişdir və üzvlərin hər birinə göstəriş verilmişdir. Mən indi iki saat bundan əvvəl dediklərimin əleyhinə getsəm özümü məhv etmiş və II İnternasionala xain çıxmış olaram. Zənnimcə Bahadır xan da mədəni bir zatdır. O, heç vaxt sizin azadlığınıza mane olmaz. O, bizim səmimi dostluğumuza şübhəli nəzərlə baxmaz. Biz yenə də səadətlə, məhəbbətlə yaşar və istiqbalımızın xoşbəxtliyinə ümid bəslərik. Leyla xanım daha danışmadı. O, Şaumyanı dinləməyə başladı. Çünki o, iş-işdən keçdiyini bilirdi. Bu vaxt Ester də yerindən qalxıb Avetisovun yanında oturdu və yavaşdan ona dedi: – Əcəba, Şaumyan düz demirmi? İngilisləri dəvət məsələsini müzakirədən götürmək lazım deyilmi? Avetisov ilə yan-yana oturan Ayollo söhbətə müdaxilə edərək: – Yox, xanım qız, yanılırsınız!—dedi.—Bolşevikləri burada buraxsaq daha tuta bilmərik. Bir tərəfdən türklər Bakının qapılarındadır, o biri tərəfdən ingilislər Ənzəlidədir. Üçüncü tərəfdən işçilər bu fikirdədir ki, aclıq və çətinliyə səbəb bolşeviklərdir. Buna görə də Zaqafqaziyada bolşevikləri məhv etmək üçün ən əlverişli zamandır. Şaumyan nitqinə davam edirdi. O öz müfəssəl çıxışından menşevik, daşnaq və esərlərin Mərkəzi hökumətə qarşı xəyanətini, Bakı proletariatını satmaq istədiklərini faktlarla göstərdi və bolşeviklərin sürəkli alqışları ilə sözünü bitirdi. Alyoşa Caparidze yerindən qalxdı, üzünü iclasa tutub dedi: – Mərkəzi hökumət nümayəndəsi sözünü bitirdi. Onu dinlədik. İndi də bu məsələ ətrafında müzakirə açmalıyıq. Bütün partiyaların nümayəndələri mübahisəyə yazıldı. Ayollo, Sadovski, Elçiyan, Karqanov, Tumanyan və sairlər çıxışda bulundular. Nəticədə sağ eser, daşnaq və menşevik nümayəndələri tarixi xəyanətlərinə yekun vurmaqla, Mərkəzi hökumətdən əlaqəni kəsmək və ingilisləri Bakıya dəvət etmək üzərində möhkəm durdular. Məşədi bəy Əzizbəyov xitabət kürsüsünə yanaşdı. Leyla isə Sadovskiyə müraciətlə soruşdu: – Bu islammıdır? – Xeyr! Bunlarda din və məzhəb yoxdur. Özü azərbaycanlı olsa da dinsiz bolşevikdir. Məşədi bəy danışmağa başladı: – Biz burada iki dildə danışırıq. Bunun üçün də bir-birimizi anlamırıq. İki dildən biri Federativ Sovetlər Respublikasının dili, o biri də bu dilin əleyhinə danışan məclisi-müəssisan dili və sairlərinin dilindən ibarətdir. Mən indi bir neçə söz də cəbhə barəsində danışacağam. Cəbhə barəsində Karqanov bir söz, Biçeraxov da başqa söz deyir. İndi sizin fikriniz nədir? İnqilabın mənafeyi və interesi kimlər üçün çox qiymətlidir? Karqanov üçünmü? Yoxsa Biçeraxov üçünmü?! İnkilisləri dəvət etmək məsələsində deməliyəm ki, onlarda mühüm qüvvə olsaydı, türklərin Bakıya hücumu zamanı bizim dəvətimiz olmadan da Bakını işğal edərdilər. Nə üçün onlar üç yüz minlik orduları ilə bura gəlmirlər? Görünür ki, bu qüvvə onlarda yoxdur. Mən sizə fakt göstərə bilərəm. İrandan yeni gəlmiş tanışların dediyinə görə, ingilislərin Rəşt şəhərində min nəfərdən artıq adamları yoxdur. Bu min nəfər də aldanıb gətirilən hindlilər və ərəblərdir. Buna heç şübhə yoxdur ki, onlar da bura gəlirkən öz canlarını bizim yolumuzda qurban vermək istəməyəcəklər. Tutalım ki, ingilislər gəlib türkləri əzdi. Sonra biz, ingilisləri buradan çıxara bilərikmi? Məşədi bəy sözünü bitirdi. İclasın sədri Alyoşa Caparidze özü danışmağa başladı: – Biz burada, mitinqdə deyilik. Məni çox sakit halda dinləyin. Mən bir fraksiyaçı natiq kimi yox, Sovet və İcraiyyə komitəsi sədri kimi danışıram, çünki məncə burada tək-tək partiya və fraksiyaların məsələsi deyil, bütün Bakının və Sovet hökumətinin taleyi və müqəddəratı həll olunur. Belə bir məsul dəqiqələrdə isə mən bir çox natiqləri anlaya bilmədim. Mən daşnaqsütyun partiyasına müraciət edirəm: Belə məsul bir zamanda partiyamızın rəsmi nümayəndəsindən belə izahatı qətiyyən gözləmirdik. Siz Mirakyan və Elçiyanın keçən iclasdakı nitqi ilə bu gün dediklərini müqayisə edin, görün onların arasında nə qədər fərq var! Bu nitqlər yazılıb bir müddətdən sonra erməni işçilərinə oxunsa, sizin siyasətiniz üçün bir ittihamnamə olar... Alyoşanın sözləri bütün salonu yerindən oynatdı. Arasıkəsilməz, gurultulu alqışlardan avizələr titrədi. Alqış kəsilər-kəsilməz, Caparidze davam etdi. – Yoldaşlar! Siz diqqət edin! Bəzi daşnaqlar da mənim sözlərimi alqışlayırlar. ...Bəli! Elə nitqləri eşitməyin özü, iclasımız üçün böyük nöqsandır. Vaxtilə Almaniya, Türkiyəyə müraciət edən və dəmir yolları açaraq alman-türk ordusunu Bakıya tərəf buraxan bir partiya nümayəndəsinin nitqini dinləmək mənə çox qəribə gəlir. Alyoşa Caparidzenin bu sözündən sonra iclas salonunda səs-küy düşdü. Leyla Ayollonun qulağına əyilərək soruşdu: – Hansı partiyanı demək istəyir? – Menşevikləri deyir! Leyla Sadovskiyə dönərək soruşdu: – Əcəba, türkləri Bakıya gətirən menşeviklərmidir? Bu doğrumudur? Məncə bu sizə böhtandır. Sadovski çox qəti bir surətdə dedi: – Doğrudur. Ölkəni bolşeviklərdən təmizləmək üçün bu lazım idi. Səs-küyə baxmayaraq Caparidze sözünü kəsmədi. Menşeviklərə müraciətlə dedi: – Sizinlə bir familiyada olan Ramişvilinin özü mənə radio ilə dedi ki, «Alman-türk ordusuna Zaqafqaziya dəmir yollarından keçmək ixtiyarı verilmişdir». Mənim bunları söyləməkdən məqsədim, sizinlə hesablaşmaq deyil, bəlkə də sizin səs verdiyiniz hər bir kəsə şüur ilə yanaşmalı olduğunuzu xatırlatmaqdır. Burada donanma adından Rozenblyum çıxışda bulundu. Bunun və Nəccarovun yenə bir dəfə donanma adından çıxışda bulunduqları yadımdadır. Lakin sonradan sizin özünüz bu çıxışdan xəcalət çəkdiniz və səhv etdiyinizi boynunuza götürdünüz. Sizi Sovet hökuməti ilə barışmamaq və anlaşmamağa onlar məcbur etdi. Bunun üçün bir qərar da çıxardılar. Bu səhvləri düzəltmək yenə də mümkün idi, lakin hazırda onlar sizi elə bir uçuruma salacaqlar ki, heç bir vaxt çıxa bilməyəcəksiniz. Mən yaxşı bilirəm ki, Rozenblyum və Nəccarov Sovet hökumətinin şüurlu düşmənidir. Onlar daima Sovet hökuməti ilə mübarizə aparmış və aparacaqdırlar. Hətta sağ eser partiyası belə, hazırda sizin lideriniz olan Nəccarova hücum etmişdi. İndisə mən bütün əməkçilərə müraciətlə deyirəm: ingilislər Bakıya çağrılsa belə, yenə də bizim nicatımız vahid cəbhə təşkilindədir. Gurultu qopdu və səs qalxdı, alqışlar, etirazlar yağmağa və iki tərəfin səsi bir-birinə qarışmağa başladı. Səslərə baxmayaraq Caparidze danışırdı: – İngilisləri Bakıya gətirməklə, siz üzərində oturduğunuz budağı kəsəcəksiniz. Siz Bakı Sovetinin dağılmasına nail olmaqla, İngiltərə kapitalı, ingilis təlimatçıları və ingilis avtomaşınlarından başqa bir şey görə bilməyəcəksiniz. Bununla da bizim inqilabi demokratik Rusiya ilə olan əlaqəmizi kəsmiş olacaqsınız. Mən sizə deyirəm: ingilisləri çağırmayın! Çünki bununla Sovet hökumətini məhv edər və Bakını Rusiyadan ayırarsınız. Sizin bu səhviniz heç vaxt islah olunmaz! Yerlərdən etiraz və təqdiredici səslər yüksəldi. Düşmən partiyaları nümayəndələri qabaqcadan əzbərlədikləri sözləri deyirdilər. Bolşevik nümayəndələr isə öz əziz və sevimli natiqlərini hərarətlə alqışlayırdılar. Caparidze üzünü etirazçılara tutub dedi: – Mən etiraz səslərini, heç bir zaman Bakı Soveti ilə barışmayan və həmişə ona qarşı mübarizə aparanlardan eşidirəm. Sizin, ingilisləri Bakıya çağırmaq haqqındakı qətnaməniz, Bakı Sovetinə bir ölüm zərbəsi olacaqdır. Müzakirə kəsildi. Axşam saat doqquz on beş dəqiqədə tənəffüs elan olundu. Salon bir-birinə qarışdı. Partiya liderləri öz üzvlərini aradı. Salonda, dəhlizdə, balkonda, qapı dalında toplanan bolşevik düşmənləri iclasdan aldıqları təsir nəticəsində əvvəlki fikirlərinə yeni əlavələr etdilər. Bolşeviklər isə bir otağa çəkilib öz tarixi və son qətnamələrini hazırlayırdılar. Simasında bütün Rusiya proletariatının və gənc Sovetlər respublikasının əzəmətini təcəssüm etdirən Bakı bolşevikləri, mərkəzlə olan əlaqəsizlik nəticəsində məğlubiyyət və süqut ərəfəsində olmalarına baxmayaraq, yenə də Sovet hökumətinə sadiq qalan Bakı Soveti tərəfində duran Bakı proletariatına rəhbərlik etməyi və menşeviklərin xəyanətini açmağı qərara aldılar. Tənəffüs bitdi, zəng vuruldu. Menşeviklər hamıdan əvvəl salona soxularaq, hər kəs öz qəzetini və yaxud papağını qoyduğu kürsüsündə oturub karandaş və bloknot hazırladı, eynəklər taxıldı. Alyoşa Caparidze ayağa qalxdı. Adamların toplanıb-toplanmadığını nəzərdən keçirirkən menşevik, sağ eserlər, sağ daşnaq nümayəndələrindən səs eşidildi: – Başlayın! Başlayın!—dedilər. Bunu deyənlər, zəminəsi hazırlanmış olan tarixi xəyanətə yekun vurmaq istəyənlər, insanlığın əbədi lənətini qazanmağa çalışanlar idi. Caparidze danışdı: – İki qətnamə var,—dedi,—biri bolşeviklərin, sol eser və sol daşnaqların; ikincisi isə sağ eserlər, sağ daşnaq və menşeviklərin qətnaməsidir. İlk əvvəl bolşeviklərin qətnaməsi oxundu: Qətnamə İşçi, kəndli, matros və Qızıl Ordu nümayəndələrinin Bakı Soveti və rayon Sovetləri nümayəndələri, Mərkəzi Kaspi və Qafqaz ordusunun hərbi inqilab komitəsi, dəniz və bölük komitələri nümayəndələri, 25 iyulda cəbhədən qayıtmış nümayəndələrin məruzəsini dinlədikdən sonra, Bakı şəhərinin hərbi vəziyyətini müzakirə edərək qərara alır: Cəbhədən qayıdan və yorğunluğunu alan Qızıl Ordu dəstələrinin təcili surətdə yenidən təşkil olunması, hərbi qabiliyyətə malik vahid bir şəklə salınması üçün tədbir görülməsi, İcraiyyə Komitəsi və Komissarlar Sovetinə tapşırılsın. Bakıda miqdarı minlərə varan və hərbi təlim keçərək bu günə qədər səfərbərlik edilməyən, yaxud fərari olan saldatları bir yerə toplayaraq onlardan hərbi hissələr təşkil edilsin. Səfərbərliyi sürətlə və müvəffəqiyyətlə həyata keçirmək üçün qəti caza qanunları tətbiqindən çəkinməmək və bunun üçün lazımi tədbirlər görmək Komissarlar Sovetinə həvalə edilsin. Bakının müdafiə işini gücləndirmək üçün qoşun göndərilməsi barəsində Rusiya Sovetlər Respublikasına müraciət olunsun. İngilislərin Bakıya dəvət edilməsi məsələsində, belə qərar: a) İngiltərə qoşunlarının Bakı ətrafında görünməsinə — Bakının İngiltərə imperializmi tərəfindən istilası və Sovetlər Rusiyasından ayrılması kimi baxmalı. b) Bu kimi təşviqat (ingilisləri çağırmaq təşviqatının) daxili inqilabi cəbhəni dağıtması və orduda pozğunluq törətməsi, onun mənəvi qüvvəsini azaltması, yeni hissələr təşkilinə və ingilislərsiz də müdafiə işini məhv etməsini nəzəri-diqqətə almalıdır. v) Bakı Soveti beşinci Sovetlər qurultayının, Rusiya torpağına heç bir imperialist dövlətin dəvət edilməməsi barədəki qərarını, Mərkəzi hökumətin ingilisləri Bakıya buraxmamaq barəsində göstərişini nəzərə alaraq qət edir ki, Bakı öz qüvvəsi ilə və inqilabi Rusiyanın qüvvəsi ilə müdafiə olunsun və pozucu təşviqata nəhayət verilsin. Bolşeviklərin qətnaməsi böyük alqışlarla qarşılandıqdan sonra iclas salonunda yeni bir gurultu qopdu. Rozenblyum dodaqları titrəyə-titrəyə ayağa qalxaraq yenə də oturdu. Sağ daşnaq, sağ eserlərin qətnaməsi elan olunduqdan sonra Ayollo söz alıb danışdı: – Biz sağ eser və sağ daşnaqların çıxardığı qətnaməyə razıyıq,—dedi. Bundan sonra menşeviklərin səsində, ürəyində, oturuşunda, baxışında və bütün hərəkətlərində ingilisləri Bakıya dəvət etməyə razı olduqları aydın idi. Ayollo öz çıxışında belə bir qeyd də etdi: – Mən ingilislərin Bakıya dəvət edilməməsi üçün, bütün partiyaların hökumət heyətinə daxil olması şərtini təklif edirəm. Ayollo və Elçiyan ingilisləri dəvət etmək üzərində uzun-uzadı danışdı. Bunlardan sonra sədr, Şaumyan tərəfindən düzəldilmiş və bir neçə dəqiqə bundan əvvəl elan edilmiş qətnaməni səsə qoydu. Bir neçə dəqiqədən sonra sədr səslərin nəticəsini elan etdi: – Bolşeviklərin qətnaməsi 236 səs! Soldan şiddətli və sürəkli alqış səsləri eşidildi. Sədr: – İndi də sağ eser, sağ daşnaq və menşeviklərin qətnamələrini səsə qoyuram,—dedi. Beş dəqiqədən sonra sədrin yenə də səsi eşidildi. – 259 səs! Bu, sağların qələbəsini göstərirdi. Xəyanətin dəhşətli zəlzələsi salonu tərpətdi. Bolşevik düşmənləri 23 səsin üstünlüyü ilə əksəriyyət qazanmışdılar. Salondakı gurultunu sakit etmək mümkün deyildi. Nəhayət sədr: – Bolşeviklər və sol eserlərdən gələn məktublarda tənəffüs elan edilməsini təklif edirlər,—dedikdə, Şaumyan yerindən qalxaraq növbədən kənar söz aldı və dedi: – Sağ eserlərin və onların həmməsləklərinin qətnaməsi bolşeviklərin qətnaməsindən 23 artıq səs alır. Bu da sağların şadlığına və şənliyinə səbəb oldu. İndi mən sizə sual verirəm: nə üçün qırıldaşırsınız?! Siz ingilisləri tapmamış Rusiya Mərkəzi hökumətini itirdiniz, siz hələ ingilisləri tapmamış bizi də itirdiniz. Soldan gurultulu alqışlar qopdu və Şaumyan alqışlarla sözünə davam etdi. – Yoldaşlar! Mən Mərkəzi hökumətin nümayəndəsi kimi indiyə qədər gördüyüm işlər və tələb olunan yüz milyon pul və bir milyardlıq silah üçün qoyduğum imzaya məsulam. Mən Sovetlər hökumətinin məsul nümayəndəsi sifəti ilə bu xəyanətə qarşı qəti etiraz edirəm. Sağlardan qışqırtı, bolşeviklər, sol eser və sol daşnaqlardan isə alqış səsləri eşidilməyə başladı. Şaumyan yenə də: – Mən Mərkəzi hökumətin nümayəndəsi olaraq gələcək siyasətin bütün məsuliyyətini öhdəmdən atdığımı xəbər verirəm. Eyni zamanda mən öhdəmizə heç bir məsuliyyət götürməyəcəyimizi partiyamız tərəfindən elan edirəm. Sədr yenə tənəffüs elan etdi. Tənəffüs zamanı kütlələr qapıda toplanıb həlledici iclasın nəticələrini gözləyirkən cəbhədə qanlı vuruşmalar davam edirkən, düşmən Bakıya soxulmaq üçün bütün qüvvəsini toplarkən, bolşevizm düşmənləri də var qüvvələri ilə çalışıb birliyi pozmağa səy edirdilər. Onlar bolşeviklərdən sonra quracaqları hökumət haqqında və son iclasdakı müvəffəqiyyətləri haqqında danışıb düşünürdülər. Bolşevik, sol eser və sol daşnaq nümayəndələri də xüsusi bir otağa çəkilərək məsələni müzakirə etməkdə idilər. İclasın davamı gecə, saat on iki otuz dəqiqədə başladı. Sədr zəngi vurdu, iclası açdı. İlk söz fraksiya nümayəndələrinə verildiyi üçün Şaumyan danışdı: – Yoldaşlar!—dedi.—Üç fraksiyanın bolşevik, sol eser və sol daşnaq fraksiyasının tapşırığı ilə, mən aşağıdakı bəyanatı verirəm: Qəbul olunmuş qətnamədə üç maddə var: birində, ingilisləri Bakıya dəvət etmək, ikincisində koalision bir hökumət düzəltmək, üçüncü maddədə isə Bakı Sovetinin Mərkəzi hökuməti tanımaqdan imtina etməsi tələb olunur. Yerlərdən: «Doğru deyil! Doğru deyil!» səsləri ucaldı. Şaumyan davam etdi: – Camaatı aldatmaq istəməyən namuslu adamlar mənim bəyanatıma etiraz etməz. Budur, qətnamədə qəbul edilən üç maddə! Buna görə də mən üç fraksiyanın adından deyirəm: biz ingilislərin Bakıya çağırılmasını bütün işçi sinfinə və inqilabi Rusiyaya bir xəyanət hesab edirik, bu xəyanətə biz səs vermirik. Biz sizin bu siyasətinizi heç bir zaman müdafiə edə bilmərik. Yerlərdən gurultulu alqış qopur, soldan «doğrudur! Doğrudur!» səsləri eşidilirdi. Şaumyan ucadan danışırdı: – İkinci maddə də koalision hökumət təşkilini və Soveta daxil bütün partiyaların oraya daxil olmasını təklif edirlər, biz deyirik ki, hökumət üzvi bir orqandır. O ancaq vahid məsləkli olduqda gözəl işləyə bilər. Xüsusən belə çətin dəqiqələrdə ancaq belə hökumətlə biz, bütün partiyaları: cəbhəni müdafiə etməyə və bütün işçiləri birləşdirmək uğrunda işləməyə dəvət edirik. Bolşeviklərin fraksiyaçılıq siyasəti haqqında danışanlar həyasızcasına iftira deyirlər. Biz heç vəchilə və heç bir koalision hökumətdə iştirak etməyəcəyik. Yenə sol fraksiyalardan alqışlar eşidildi: Şaumyan, başqa bir məsələyə keçərək dedi: – Sovet üzvlərinin əksəriyyəti, yalnız yerlərdə Sovet hökumətini tanıyaraq, Rusiya Sovet hökumətini tanımaqdan imtina etdiyinə görə, bizcə donanmadan gələn yoldaşlar, buna səs verirkən məsələni yaxşı anlamamışlar. Şaumyanın bu sözündən sonra yenə də salonda küy düşdü. Şaumyan səsini kəsmədi: – Bu qətnaməyə daşnaqlar da səs verdi. Halbuki, dünən onlar öz konfranslarında Rusiya və Bakı Sovet hökumətini qəbul edib tanıyacaqlarını və heç bir dəyişikliyə razı olmayacaqlarını qərara almışdılar. Onlar bu gün heç də düşünmədən səs verdilər. Soldan yenə gurultulu alqışlar qopdu. Şaumyan üzünü qarşıda oturan düşmən partiya fraksiyası nümayəndələrinə tutdu. – Bu şəraitdə,—dedi,—bizim müvəffəqiyyətsizliyimizdən istifadə edərək belə qətnamə qəbul edənlər, sizinlə bizim aramızda bütün əlaqələri qırmaqla xəyanət cəbhəsi tutdular. Belə bir xain siyasət üçün biz məsuliyyəti öz öhdəmizdən atırıq və xalq komissarlığı vəzifəsindən boyun qaçırırıq. «Doğrudur! Doğrudur!» səsləri və alqışlardan sonra Şaumyan oturub yenə də qalxdı və xitabət kürsüsünə gəldi. Saat bir qırx dəqiqədə Caparidze qızarmış bir halda ayağa qalxaraq: – İclası qapalı elan edirəm!—dedi. * * * 1 Səslərin cəmi 427-dir. Lakin biz tarixi sənədlərdə göstərilən rəqəmi saxladıq. (Müəllif). * * * XV. Biçeraxov cəbhədən çəkilir Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu. Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü. İclas yenicə bitmişdi. Araratyan qonaqları yola salıb iş otağına qayıtdıqda poçt xidmətçisi qapını vurub üç bağlı məktub gətirdi. Məktublardan birisi Estərə, ikisi isə Araratyana yazılmışdı. Araratyan məktubun birini açdı. Bu məktub cəbhədən, miralay Avetisov tərəfindən yazılmışdı. Məktub Araratyanı çaşdırdı. Orada qara bir xəbər vardı: Möhtərəm doktor! İş-işdən keçmişdir. Türk qoşunları şəhərə yaxınlaşmaqdadır. Məktubumu Biləcəri stansiyasından yazıram. Hər halda, başınızın çarəsini düşünün. Çünki Biçeraxov cəbhəni tərk etdi. Hazırda onun cəbhədən çəkilən qüvvələri Sumqayıt stansiyası tərəflərinə toplanaraq şimala doğru getməyə hazırlaşırdı. Hazırda cəbhədə iki yüz nəfər bizdən, iki yüz nəfər də Petrovun dəstəsindən qalmışdır. Bizim erməni qoşunları paltarsız olduqları üçün, müharibədə iştirak etməkdən boyun qaçırırlar. Onlar qoşun rəhbərlərinin icazəsi olmadan, cəbhəni buraxıb şəhərə çəkilməkdədirlər. Çəkilməkdə olan qoşun hissələri, şəhərin ətrafında göstərilən mövqeləri işğal etməkdən də boyun qaçırırlar! Cənab doktor, Bakının taleyi həll olunmaqdadır, məsələ olduqca qorxuludur, bu saat otuz iki kilometrdən ibarət olan cəbhəni yalnız dörd yüz nəfərlik qüvvə müdafiə edir. Halbuki, düşmən böyük bir qüvvə ilə irəliləməkdədir. Yerində danışmaq və məsələni ciddi bir surətdə müzakirə etmək lazımdır. Mən cənab doktora bir neçə gün bundan əvvəl dediyim kimi, yenə də fürsət əldə ikən xatırladıram. Günü günə satmaq yaramaz! Mən gələcəyi indidən görüb danışırdım! Yenə də təkrar edirəm: həyatımız qorxu altındadır. Kəşfiyyat pilotlarının göstərdiyinə görə düşmən böyük qüvvə ilə sürətli surətdə Bakı üzərinə yürüməkdədir. Gələn qoşun, müntəzəm türk qoşunudur. Cənab doktor, açıq demək lazımdır. İndi ağ bayraq qaldırıb sülh müzakirəsinə girişməyin tam vaxtıdır. Çox təəssüf ki, vəziyyəti nəzərə almayaraq Komissarlar Soveti bizdən müharibəni davam etdirməyi tələb edir. Buna görə də siz Komissarlar Sovetində qəti surətdə sülh müzakirəsinə girişmək məsələsini qoymalısınız. Cənab doktor, təxir yaramaz, yoxsa yüz altmış minlik əhalinin fəlakətinə siz cavab verməli olacaqsınız. Qüsur nə sizdə, nə də bizdədir. Allah bəlasını vermiş Biçeraxovun və eyni zamanda Hamazasbın komandasında olan erməni batalyonunun çəkilməsi Bakı qapılarını türk ordusunun üzünə açdı. Digər tərəfdən də bu iş müharibədən boyun qaçırmaq məsuliyyətini bizim öhdəmizdən götürdü, qoy tarixi məsuliyyət onların öhdəsində qalsın. Hər halda siz və tanışlarınız hazırlıqda olmalısınız. Avetisov. 29 iyul, 1918-ci il», Bu məktubu oxuduqda Araratyan tamamilə çıxılmaz vəziyyətdə qaldı, çünki ingilislərdən qabaq türklərin Bakıya girməsi, Araratyanın ingilis general Denster-Vil cənablarına verdiyi vədin əleyhinə olan bir hadisə idi. Araratyan bir qədər düşündükdən sonra dəliçəsinə dedi: – Biz daha Bakıda nə üçün oturmuşuq! Atasının bu hərəkətindən Ester də diksinərək soruşdu: – Bir hadisəmi vardır? – Hadisə yox, fəlakət və dəhşət vardır. Bütün arzularımız boşa çıxdı, düşmən şəhərə yaxınlaşır. Araratyan Avetisovun məktubunu bir tərəfə ataraq ikinci məktubu açdı. Bu məktub Hamazasb tərəfindən yazılmışdı, Ester çox tələsirdi, o tez-tez: – Papa, oxuyun! Oxuyun!—deyə Araratyanı tələsdirirdi. Araratyan məktubu bir kərə başdan ayağa kimi oxuyaraq düşündü, sonra da Ester üçün oxumağa başladı: «Möhtərəm doktor! Bu məktubu sizə yazdıqda özüm də sıxılıram. Lakin qəzavü-qədərin qarşısında baş əyməmək mümkün deyildir. Biz bu müharibədə çox cürət və cəsarət göstərdik. Lakin vəziyyət qalibiyyətimizə mane oldu. Çünki türklərə qarşı vuruşan ordumuz içərisində plan və iş birliyi yox idi. Hər alayın və hər bölüyün özünə görə müharibə və hərəkət planı var idi. Lazımi vaxtında ümumi qüvvəni, vahid qüvvə kimi düşmənə qarşı qoymaq mümkün olmurdu. Belə də olmalı idi. Çünki biz bolşevik dəstəsi ilə Moskvadan gələn Petrovun planları ilə heç vaxt razılaşa bilməyəcik idik, o, general Dukaçiyevin hərbi hərəkət planlarını tənqid ilə əlavələr edirdi. Buna birinci olaraq mən və mənim batalyonum qarşı çıxdıq. Cəbhəni buraxmaq, yainki müdafiə etmək üçün hərbi sovetin çağırılmasını tələb etdik. Hərbi sovet çağırdıq. Biçeraxov soveta daxil olmadı, çünki o sovetdən qabaq da öz qüvvələrini geri çəkməyə başlamışdı. Bolşeviklər isə yenə də cəbhəni saxlamağı və Rusiyadan kömək gəlincəyə qədər türkləri şəhərə buraxmamağı tələb etdilər. Lakin bu tələb yersiz tələb idi. Çünki Biçeraxov çəkilmişdi. Hamıdan qorxaq olan miralay Avetisov da açıq deməsə də çəkilmək tərəfdarı idi, nəhayət mən açıq qəlbli bir zabit kimi dedim: «Doğrudur, bolşeviklər bizdən cəsarət tələb edirlər. Lakin biz lazım olan cəsarəti göstərmişik. Artıq cəsarət göstərə bilməyəcəyik, çünki ifrat cəsarət vəhşilik əlamətidir». Bu saatda hərbi sovet bitdi. Qoşun rəhbərləri bundan sonra cəbhəni saxlamağın mümkün olmadığını bir səslə qərara aldılar. Onu da deməliyəm ki, bu məğlubiyyətin əsas müqəssirlərindən biri də allah bəlasını vermiş Avetisovdur. Nə isə, iş-işdən keçmişdir. Türklərlə sülh müzakirəsinə girişmək lazımdır. Bəlkə bununla qabaqda gözlədiyimiz böyük bədbəxtliyin qarşısını ala bildik. Bu barədə Komissarlar Sovetinə təsir etmək lazımdır. Cənab doktor, heç də qorxuya düşməyin. Nə qədər Hamazasb sağdır, sizin ailənizin başından bir tük belə əskik olmaz. Mənim batalyonum yenə də Bakıya daxil olurkən, sizi müdafiə edəcəkdir. Hamazasb. 29 iyul». Araratyan əlini uzadaraq stolun üzərindən Avetisovun məktubunu götürdü. Məktubların hər ikisini oxudu və hər ikisinə tüpürdü. – Siz alçaq, tülkü qədər hiyləkar və eyni zamanda dovşan qədər qorxaqsınız!—dedi. Araratyan məktubları yerə atdı və qalxaraq otağı dolaşmağa başladı. Bir neçə dəqiqədən sonra telefona yanaşıb Şved konsulunu səslədi: – Cənab konsulu telefona çağırmaq mümkünmüdür?—dedi.—Konsul cənablarının özləridirmi?!. Danışan doktor Araratyandır... Təşəkkürüm vardır... Sizi rahətsiz etdim, bağışlayın, Xeyr!.. Xeyr! Mən erməni xalqının sizə olan səmimi ehtiramını bir daha təkrar edirəm... Bəli!... Bəli!.. Xeyr!.. Xeyr!.. Mən yalnız iyulun 24-də sizə ərz elədiyim məsələ haqqında danışmaq istəyirəm. Bəli!.. Haman məsələ! Himayə məsələsi! Doğrudur!.. Şübhəsizdir! Bu saat aldığım məktubda cəbhənin pozulduğu və türklərin şəhərə yaxınlaşdığı göstərilir... nə eybi vardır. Erməni milli soveti adından rəsmi surətdə sizə yazıb erməni xalqının himayəsini rica edirəm... sabah tezdən, rəsmi surətdə konsulxanaya göndərərəm. Əmin ola bilərəm ki?! Çox razıyam! Şübhəsiz... şübhəsiz... Cənab konsulun insaniyyətpərvərliyi haqqındakı qeydlərimizi bütün Avropa mətbuatına göndərəcəyik... Sabah... bəli... yarın... cənab konsulun özü də təşrif aparmalıdır... Bundan sonra da doktor Araratyan trubkanı yerə qoymayaraq, milli sovet üzvlərini bir-bir səslədi. Əvvəlcə miralay Avetisov və Hamazasbın məktubları haqqında danışdı, sonra da: «Biz türklərdən nə üçün qorxuruq,—dedi,—əvvəla türklər bizim eşitdiyimiz vəhşi türklər deyildir. Bundan da əlavə Şved konsulu bizim himayəmizi öz öhdəsinə götürmüşdür. Bu saatda cənab konsul ilə danışdım. O, ayın 24-də verdiyi sözünün üstündə möhkəm durmuşdur. Sabah tezdən Şved konsuluna erməni milli soveti adından rəsmi məktub göndərəcəyəm. Türkiyə ərkani-hərbinə sülh nümayəndələri göndərirkən cənab konsulun özü də sülh nümayəndələri ilə bərabər getməyi öhdəsinə götürdü. Biz indi əmin ola bilərik, hər halda bolşevik məsələsi həll edilir. İngilislərə verdiyimiz vədlərə gəldikdə bütün qüsurları Biçeraxovun öhdəsində qoya bilərik. Çünki cəbhəni hamıdan əvvəl Biçeraxov tərk etmişdir». Ester bütün məsələdən xəbərdar oldu, bundan da sonra öz otağına keçərək öz adresinə gələn məktubu oxumağa başladı. Ester məktubu oxuyan kimi çarpayının üzərinə yıxılaraq şiddətlə ağladı. Leyla xanım heç gözləmədən qapını açıb otağa girdi, Esterin ağladığını görürkən bir hadisə üz verdiyini dərhal anladı və məktubu stol üstündən götürüb oxudu: «Gözəl və eyni zamanda şıltaqçı Ester! Bu məktub son məktubdur. Bundan sonra üz-üzə danışacağıq, çünki bu gün, yaxud sabah Bakıda olacağam. Sənin məsələni silah gücünə də olsa bitirməliyəm. İndi artıq sənin işinlə məşğul olmağa vaxtım vardır, çünki cəbhə fikri və müharibə məşğuliyyəti bitmişdir. Cəbhəni buraxıb şəhərə çəkilirəm. Mən indiyə qədər ixtilaf çıxarmaq istəmirdim, sənin məsələn üzərində ixtilaf çıxarmaq müharibənin və cəbhənin vəziyyətinə də təsir edə bilərdi. Artıq belə bir qorxuya lüzum yoxdur. Hazırda cəbhə dağılır. Hər kəs başını alıb bir tərəfə gedir. Mənsə batalyonumu şəhərə gətirirəm. Hazırlaşmalısan. Bu sözü sənə qəti olaraq yazıram. Bu işim ümidsizliklə qurtardığı təqdirdə səni də, Avetisovu da, atanı da məhv edəcəyəm. Sən yəqin et ki, Hamazasb səni ya diri, ya ölü əldə edəcəkdir. Sənin məsələni bitirmədən bir tərəfə getməyəcəyəm. Səni bərabər götürüb İrana və oradan da Fransaya aparacağam. Sənin igid və qəhrəman saydığın və mənə tərcih verdiyin Avetisov bizim məğlubiyyətimizə səbəb oldu. İndi də qorxaq bir dovşan kimi türklərdən barışıq rica edir. Hamazasb. Biləcəri, 29 iyul, 1918-ci il». Leyla məktubu oxuyandan sonra bir neçə saniyə Esteri və məktubu gözdən keçirərək nə cürə rəftar edəcəyi və nə edəcəyini düşündü. Cəbhənin dağılmasından şad olsa belə, yenə də Esterin vəziyyətinə acıdı və ona yazığı gəldi. Onun saçlarını sığallayaraq: – Sən heç də qorxma!—dedi,—mən səni Hamazasbın pəncəsindən qurtarmaq üçün səmimi söz verirəm. Sənə əvvəl dediyim kimi indi də deyirəm. Sən ona əhəmiyyət vermə! Mən səni öz yanımda saxlayacağam. Türklər ya ingilislər gəlsə də sənin üçün heç bir qorxu yoxdur. Bir tərəfə getmək lazım gəlsə yenə birlikdə gedərik. Leyla stol üzərində ikinci bir məktub gördü və oxudu: «Gözəl və sevimli Ester! Hadisələr bir-birini təqib edir. Dünyamız sürətlə dəyişir. Eniş-yoxuşlu həyatımızın gələcəyi olduqca qorxuludur. Gözəl Ester, hazırda insan taledən asılı olmaya bilməz. Biz də dünəndən etibarən müqəddəratımızı taleyin əlinə verdik və cəbhəni tərk etdik. Bu müharibənin təcrübəsi göstərdi ki, Hamazasbda heç bir igidlik və mərdanəlik yox imiş. O öz dəstəsi ilə Biçeraxovdan da qabaq geri çəkildi və daşnaqların namusunu ləkələdi. Mən kəsdirə bilmirəm: Əcəba, sən yenə də onun mənfur üzünə baxıb güləcəksən?! Ester! Sən ağıllı qızsan, lakin kişi intixab etməkdə nədənsə yanılırsan. Hiss edilməz bir surətdə, lakin çox sür'ətlə heçliyə doğru yuvarlanan gənclik çağlarını təkdirə qabil deyilsən. Sən gəncliyi daimi və həyatı əyləncə hesab edən qızlardan olmamalısan. Razı olsaydın, mən çoxdan səni o vəhşinin əlindən qurtarmışdım. Ester, Hamazasb nə sevməyə, nə də sevilməyə qabil bir kişidir. Sən minlərin, yüz minlərin içərisindən intixab edilmiş nadir bir gözəlsən. Mən cəbhədə hər an sənin çöhrəni təsəvvür edir, sözlərini əzbərləyir, səni düşünür, sənə and içir və sənə pərəstiş edirəm. Ester, sən mənimsən. Mənim dodaqlarım sənin dodaqlarından başqasına dəysə cəhənnəm odu ilə kabab olsun. Ester, gərək sən də and içəsən. Sən də o dodaqları yabançı dodaqlara yaxlaşdırmayasan. Mən səni həmişə dinləyirəm. Səsini düşmən toplarının gurultusu altında eşidir və nəşələnirdim. Səngərimiz önündə partlayan şrapnellərin dəhşətli, ölüm gətirən alovlu gəhgəhələri də sənin xəfif və şirin gülüşlərin kimi məni əyləndirirdi. Gözəlim! Möhtərəm doktora da məktub göndərmişəm, sən hər ehtimala qarşı hazırlaşmalısan. Lakin həyatının nə cürə keçəcəyi haqqında heç də düşünmə. Ölünçəyə qədər Parisin təntənəli villalarında yaşamağa sərvətim çatar. Avetisov. Biləcəri, 29 iyul». Leyla Avetisov tərəfindən yazılmış bu məktuba heç məna vermədi, çünki məktubun məzmunu əvvəlcə yazılan məktublardan fərqli deyildi. Leyla xanım stol üstündə üçüncü bir məktub gördü, onu tələsik alıb redikuluna qoydu və yenə Estərə təsəlli vermək üçün dedi: – Sən heç qorxma, türklərin şəhərə girib-girməməsi naməlumdur. Belə bir hadisə baş versə, bir tərəfə qaçmağa, məktub yazanlara qoşulub getməyə ehtiyac yoxdur. Onu da bilməlisən ki, türklərin Bakıya gəlməsi səni bu iki canavarın əlindən azad etmiş olacaqdır. Ester Leylanın sözlərini sakit dinləyəndən sonra qalxıb tualetini düzəltdi. Leylanın nə üçün gəldiyini də soruşmadan vidalaşıb çıxdı. Leyla xanım mənzilinə gələn kimi paltosunu soyunmadan Esterin otağından götürdüyü məktubu redikulundan çıxarıb oxudu. Məktub Vahanın tərəfindən, hisli və köhnə bir kağızda yazılmışdı. «Əziz dostum və uşaqlıq xatirəmin şahidi Ester! Yeni hadisələr münasibəti ilə sənə bir məktub yazmağı lazım bildim, iş üstündə yazmışam, səliqəsizdir. Üzr istəyirəm, Ester, türklər gəlir. Xain Biçeraxovların, Hamazasb, Avetisovların və onların arxasınca xain daşnaqların qaçmağa hazırlaşdığını eşitdim. Onlar erməni işçi kəndlilərini Türkiyədə və Qafqazda fəlakətə saldıqları kimi Bakı kommunasını da qanlara qərq edirlər. Ester, məni bağışla, onu bil ki, mən kimsəyə xain deyiləm, amma sənin atan haqqında açıq yazmalıyam, o da qatildir. O daşnaqların bütün təsirlərinə şərik olduğu halda, menşevik və sağ esərlərə qoşularaq yeni cinayətlərə hazırlaşır. Ester, vaxt var ikən sən onlardan uzaqlaş! Qoy onların tökdüyü qanlardan sənin gənc və saf vicdanın ləkələnməsin. Ester, bizim cərgəmizə gəl, dünyada işçi birliyi qədər qüvvətli cəbhə yoxdur. Sən atana qoşulub heç bir tərəfə qaçma! O, hara gedir getsin, işçi sinfinin lənətləri də onunla gedəcəkdir. Sən mədənə, bolşevik ruhlu işçilərin səngərinə gəl! Səni burada saxlarıq. Özümü sevməyə səni məcbur edəcək qədər ədəbsiz olmadığımı da gözəlcəsinə bilirsən. Bu məsələni sənin öz ixtiyarına verirəm. Biz uşaqlıq yoldaşlığı xatirəsinə də bir dost kimi yaşaya bilərik. Anam da səni gözləyir. İndi evimiz də var. Danışdığımız məsələyə zəmin hazırdır. Əmin ol. Məktubun cavabını yenə də həman yerə burax. Atanın hərəkətləri haqqında məlumat verməyin lazımdır. Ester, sən bolşevikləri çox da aciz hesab etmə. Onların müvəqqəti məğlubiyyətləri sənin ümidlərini qırmasın, biz qalib gələcəyik, çünki bizim arxamızda Lenin yolunu izləyən yüz minlərcə proletar ordusu durur. Vahan. 28 iyul, 1918-ci il». * * * XVI. Raya qaçdı Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi. Nəhayət, qoçu Əminəni səsləyərək: – Nə olubdur, nöşün yatmırsınız?–dedikdə Əminə cavab verdi: – Xanım hələ şam yeməyini bitirməmişdir. – Eybi yoxdur. Xanımın da xanımlığına az qalmışdır. Odur, kişilərin toplarının səsi gəlir. – O cürə sözləri danışma! – Danışanda nə olar?! Açıq ol ki, qənbərqulu çıxmasın. Canın mənim əlimdədir. O qədər olsun ki, bircə gəlmə ağanın qulağına pıçıldayım, o saatda işini bitirər. İndi bildin ki?! – Ağaya mənim nəyimi deyəcəksən?! – Deməyə mən söz taparam. Sənə borc deyil. – Ağlını başına yığ. Vaxta ki, ağa xanıma hörmət etmək vəzifəsini bizə tapşırıb, gərək onu razı salaq. Xanımlıq vaxtına az qalıb çox qalıb, bizim işimiz deyil. Qoçu: – Xanım da gərək bizi razı salsın ya yox?! Nöşün bizə yaxın gəlmir. Biz kişi-zad deyilikmi?–deyə hər gecəki söhbətini başladı. Əminə ona nəsihətverici bir əda ilə dedi: – Sən o cür sözləri heç danışma! Mən də sənə bu ixtiyarı vermirəm. – Sənin ixtiyarına baxan kimdir? Tumanını ayaqdan çırıb başından çıxararam. – Bu sənin atanın da ağzı deyil. Belindəki tapançadan da qorxum yoxdur. Haramzadanın biri! Raya onların arasında deyişmə olduğunu gördü. Buna görə də qoçuya müraciətlə: – Sən bu qızdan nə istəyirsən?–dedikdə qoçu ayağa qalxıb əllərini kəmərinə saldı, belindəki tapançanı tərpətdi və dişlərini ağardaraq Rayaya cavab verdi: – Bunu soruşmazlar ki? Kişi arvaddan nə istəyə bilər? Ay barışna, biz də axı tay-tuş içində sayılan bir çeyilik. Bəs siz nə vaxt ağzımızı şirin edəcəksiniz? Əminə sıçrayıb qoçunun üstünə atılmaq istədikdə, Raya onun qolundan tutdu: – Sən otur yerində, mən onun cavabını verərəm,–dedi və qoçuya dönərək:–Sən neçə gündür buradasan. Biz səndən nalayıq hərəkət görməmişik. Heç şübhə yoxdur ki, buna da bir səbəb vardır, ya bunu sənə ağa tapşırmışdır və yainki sənin özün ədəbli bir adamsan. Əcəba, bu gün nə olmuşdur? Bəlkə bunu sizə ağa tapşırmışdır? Qoçu dedi: – Xeyr, ağa bu barədə mənə heç bir söz deməmişdir. – Bəs nə üçün ədəbli bir kişiyə yaraşmayan sözləri danışırsınız. Bizim birimiz sənin xoşuna gəlirsə, onun da bir qaydası və bir təhəri var, sən birimizi sevirsənsə həddindən artıq ədəbli olmalısan və yaxşılıq etməlisən ki, bununla da özünü sevdirəsən, yoxsa sevgini zor ilə qəbul etdirmək olmaz. Sən özün yaraşıqlı, boylu-buxunlu və layiqli bir oğlansan, sözünü söyüşsüz və vuruşmasız, ədəbli, vüqarlı surətdə də deyə bilərsən. Elə ki, gördün sənin sevginə qiymət qoyan yoxdur, onda sərt danışmağa haqqın var. Belə deyilmi?! Qoçu bir az düşünərək, Rayaya çox diqqətlə baxdı və dedi. – Görmürsən bu lüt köpək oğlunun qızı nə qozqırır? Elə bil ki, mən buna bir küçə uşağıyam. Behiştdən gələn huri ola ha, mənə dil ki, qaytardı bir qəpiyə dəyməz. Özü də bilir ki, mən bozşalvar çeyillərdən deyiləm. Onda da tamahım yoxdur, tamahım varsa qoy anam-bacımda olsun. – İndi ki, onda tamahın yoxdur, daha niyə dalaşırsan? – Dalaşmağımız... dalaşmağımıza səbəb odur ki, o sənin əvəzindən mənə cavab verir. – Demək ki, mübahisə mənim üzərimdə gedirmiş... Raya bunu deyərək güldü və qoçudan soruşdu: – Elə bu? – Bəli bu! Bu azdırmı? – Çox gözəl, demək belə... – Hə, belə... – İndi bəs necə olsun? Mən burada məhbus–sən də mənim gözətçim. – Sən məhbus, mən də sənin gözətçin. Bunun nə dəxli var ki?! – Necə nə dəxli var. Madam ki, mən azad deyiləm, o zaman bizim birləşməyimiz necə baş tuta bilər?! – Necə yəni baş tuta bilər?! Nöşün də tutmasın, sən burada, mən burada. Bu naçins qızı naçins, adam balası olsa, dilini dişinin altına qısıb otursa, bu evin sirrini bayıra çıxarmasa, hər iş öz vaxtında düzələr. Bir qənbərqulu da çıxmaz. – Çox gözəl. Sən məni buradan alıb özünlə apara bilməzsənmi? – Xeyr, o heç vaxt ola bilməz. – Nə üçün ola bilməz?! – Nöşün ki, mənim məsləkim yol verməz. – Hansı partiyadansınız? – «Müsavat» partiyasından. – Onda bəs necə olsun? – Necə olacaqdır? A qız, sən nə avam adamsan, nöşün mən dediyimi anlamırsan, sənə bir Qaspiçə söz demişəm, yenə də deyirsən bəs necə olsun. Necə olacaqdır, gecə uzun, gen otaqlar, daha bunda nə var ki?! – Çox gözəl, mən bir qədər fikirləşərəm, sən də bir az fikirləş. Bəlkə bir cürə oldu ki, bizim bu dostluğumuz eşikdə baş tutdu. – O, heç bir vaxt ola bilməyəcəkdir. Çünki sən eşik üzü görməyəcəksən. Kimsə dinmədi, qoçu Rayanın yumşaldığını zənn edərək balkonda gəzişir və fışqırıq çalırdı. Əminəyə bıçaq vursaydın, qanı çıxmazdı; o ancaq Rayanın tapşırığına görə sakit olmuşdu. Gecə saat iki idi, küçədə binanın qarşısında bir faytonun dayandığı hiss edildi, iki dəfə də fışqırıq səsi gəldi. Bu, Rayanı həbsxanadan aparmaq üçün gələnlərin siqnalı idi. Raya və Əminə isə siqnala baxmayaraq, yenə də şam süfrəsinin başında oturmuşdular. Qoçu Əminəni səslədi: – A qız, Qaspilərdən birini bura gətir görüm!–dedikdə Əminə qəzetlərdən birini götürüb qoçuya apardı. Qoçu qəzeti alıb oxumazdan əvvəl Əminəni saxlayaraq: – De görüm indi sözün nədir?!–dedi.–Gördün ki, barışna özü də razıdır? – O səndən qorxur, yoxsa çoxdan razıdır. – Mən qurd-zad deyiləm ki, nöşün qorxur?! Partiyaçı adamdan da qorxmaq olarmı? – Bəs arvad tayfası belində tapança gəzdirən qoçudan qorxmazmı? – Elə bu?! – Əlbəttə ki, bu? – Bu isə, bir saatlığa mən tapançanı açıb kənara qoyaram. Qoçu tapançanı yanına qoydu və Rayanı səslədi: – Ağız, indi gəl bura görüm. Yekə qızdır, tapançadan qorxur. Raya durub, qoçunun yanına gəldi, onun saçlarını sığallamaq istərkən Əminə də əfsərski tapançanı üst ayağa qaldıraraq qoçunun başına dayadı: – Səsini çıxaran kimi başını partladacağam! Qoçu bunu zarafat hesab edərək: – Qoy yerinə qançığın birisi! Tapança ilə oynamaq olmaz!–dedikdə Raya bir şillə onun ağzından vuraraq, yeşikdən aldığı brauninq tapançanı çıxartdı: – Kəs səsini, alçaq! Bir kəlmə də danışmağa icazə vermirəm. Neçə gündən bəri danışdıqların üçün böyük cəzaya layiqsən. Qoçu sanki yuxudan ayıldı və tapançalara baxaraq: – Bəs belə, hə?! Siz heç zarafat-zad qanmırmışsınız... ağanın başı üçün mən mazaxlaşırdım. Qoy qırağa o zəhrimarları, xata çıxararsan. Raya dedi: – Sus! Yoxsa öləcəksən? – Başım üstə. Buyurun görək nə demək istəyirsiniz? Bu sözdən sonra Əminə qoçunun əllərini dalında möhkəm bağladı və bir şillə də üzünə vurub: – Yıxıl yerə, həyasız!–dedikdə qoçu uzandı, onun ayaqlarını bağladılar. Sonra da əynindəki ipək köynəyi çırıb ağzını da möhkəm bağladılar. Əminə otaqdan Rayanın vaxt ikən hazırlanmış çamadanını və qoçunun tapançasını götürüb dışarı çıxdı. Qapıda iki fayton durmuşdu. Faytondakılar Vahan, bir də Əminənin qardaşı Heydər idi. * * * XVII. Cəbhə Gecə tünd qaranlıqdı. Göyün ulduzları havada uçan qurşunlarla bir-birinə qarışmışdı. Cəbhədən çəkilən qocaman bir ordu sel kimi axaraq Biləcəriyə tökülməkdə, eşelonlar tökülüb gəlməkdə idi. Parovoz fitləri, əskəri araba təkərlərinin səsi, zabitlərin göstəriş və qışqırıqları, gurultu bütün Biləcərini bürümüşdü. Hər tərəfdə qışqırıq, söyüş, narazılıq eşidilirdi, çünki cəbhədən qayıdan əsgərlər, eşelonları boşaltmaqdan boyun qaçıraraq, silahını alır və şəhər yoluna düzəlib nizama durmaqdan boyun qaçırırdı. Şəhər ilə Biləcəri stansiyasının arası, əsgəri arabalar, faytonlar, avtomaşınlar və piyada, süvarilərlə dolmuşdu. Ancaq bunların hamısı qaçır, arxaya baxmadan qaçırdı. Ordu ərkani-hərbi kiçik bir binada yerləşmişdi. Səhra hərbi telefonu cəbhə ilə ərkani-hərbin əlaqəsini saxlamaq üçün yenicə düzəlmişdi. Ərkani-hərb üzvləri aralıqda dolaşırdı — bir nəfər də yerində oturan yox, telefon zənki vurdu. Miralay Avetisov dəstəyi götürdü. – Mən nə edə bilərdim. Telefon rabitəsi ancaq bir dəqiqə əvvəl düzəlmişdir. Hə... hə... hə... bu məlum... bir halda ki, sözümə baxan yoxdur, telefonu mən özüm çəkə bilərəmmi?.. Bilirəm, Biləcəri tərəflər müdafiə üçün əlverişlidir... bilirəm... yoldaş Petrov, bilirəm. Lakin kimlərlə müdafiə etmək?.. Bəli, bəli... bəli... mən şəxsən hər bir fədakarlığa hazıram, yoldaş Petrov, saldatlar sözümə baxsaydı, mən onları qırdırmağı bacarardım. Lakin bu da fayda verməz, çünki sol qanad tamamilə açıqdır. Bilmirəm siz müharibəni nə hesab edirsiniz?... Siz öz kiçik qüvvənizlə sol qanadı müdafiə edə bilsəniz belə, bir fayda verməz. Avetisov dəstəyi yerinə qoyaraq otağı dolaşmağa başladı və həyəcanlı bir surətdə Mikoyana müraciət etdi. – Əziz yoldaş, indi buyurun görək, mütarikə təklifi üçün türk ordusu baş komandanı yanına kimləri göndərirsiniz? Miralay Avetisovun bu sözündən sonra Mikoyan, Qanin və Qabışev dərin düşündülər. Avetisovun sualına cavab çıxmadı. Avetisovun səbri tükəndi, bir daha müraciət edərək: – Hər dəqiqə sükut, Bakının taleyindəki təhlükəni artırır,–dedi,–siz gərək səy edəsiniz ki, türklər Bakını süngü gücünə işğal etməsin. Əcəba, siz atışmanı eşitmirsinizmi? Siz ordu hissələrinin itaətsizliyini görmürsünüzmü? Avetisovun uzun-uzadı sözlərinə və onun bir əskərə yaraşmayan qorxaqlığına cavab olaraq Mikoyan qısa və qəti cavab verdi. – Biz heç vaxt Türkiyə ordusunun mərhəmətinə əl uzatmayacağıq. Biz məsələni Komissarlar Sovetinə bildirmədən heç bir təşəbbüsdə bulunmayacağıq. Avetisov bu sözdən çox sıxıldı və əlini belinə vuraraq acıqlı dedi: – Mən silah gücünə olsa da, sizin əlinizə ağ bayraq verib, mütarikə üçün Türkiyə ordusu ərkani-hərbinin yanına göndərərəm. Mikoyan açıqlanmadı, adi və sakit halda cavab verdi: – Qoy bizi qurşuna düzsünlər, çünki ölmək şərəfdir. Düşmənə yalvarmaq və Bakı proletariatını satmaq isə böyük şərəfsizlikdir. Mikoyan bu sözləri dedikdən sonra dəstəyi götürüb Komissarlar Sovetinə zənk vurdu: –Qərargah Biləcəridədir, sağ cəbhə tamamilə açıqdır. Yoldaş Petrov sol qanadı müdafiə edir. Miralay Avetisov, Petrovun tələbinə baxmayaraq sağ qanadın möhkəmləndirilməsindən boyun qaçırır. Avetisov bizi «silah gücünə olsa da, ağ bayraqla düşmənin yanına göndərərəm» deyə təhdid edir. Mən, Qanin və Qabışev yoldaş bundan qəti boyun qaçırtdıq. Mikoyan dəstəyi yerinə qoyub Avetisova müraciətlə dedi: – Şəhərdəki bütün qüvvə səfərbər edilərək, cəbhəyə göndərilir. Türklər Bakını heç vaxt ala bilməyəcəklər. Yoldaş Şaumyan əmr edir ki, yeni qüvvə gəlincəyə qədər cəbhəni saxlamalıdır. Avetisov bir azdan sonra şəhərə telefon etdi. – Bağışlayın, rahatsız etdim... Bəli!.. Bəli! Avetisovdur... Əcəba, səsimdən tanımadınızmı? Mənçə, tanımaq istəmədiniz. Hə, hə, hə. Belə olmadığını bilsəydim şad olardım. Məktubumu aldınızmı? Doğrudanmı?! Zənnimcə, başqa məktublar kimi onu da bir tərəfə atmısınız. Belə deyilmi! İnanımmı?! Oxumuşsunuzsa ondan bir kəlməsini söyləyin görüm!.. Düz dediniz. İndi bildim ki, məktubu oxumuşsunuz, nə qədər xoşbəxtəm... Mən o sözlər içərisində gizlənə bilsəm, daha da xoşbəxt olardım. Sabah sizin əlinizi öpməyə müvəffəq olacağam. Sizi görmək üçün nə qədər çırpındığımı təsəvvür edə bilsəydiniz şübhəsiz ki, halıma yanacaq və qeydimə qalacaqdınız. Sizi yuxudan qoydum. Bağışlayacağınıza əminəm. Atanıza salam söyləyin. Yatmışsa oyadın, sözüm var. Avetisov telefonda gözlədi, nəhayət doktor Araratyanın səsi eşidildi. Avetisov: – Bəli, mənəm cənab doktor!–dedi.–Biləcəridən danışıram. Bağışlayın, sizi rahatsız etməyə məcburam. Vəziyyət olduqca qorxuludur. Məktubumu aldınızmı?.. Çox gözəl, vəziyyət məktubda göstərdiyimdən daha təhlükəlidir. Hər halda siz hazırlığa başlamalısınız. Düşmən bir neçə saatdan sonra şəhərə girəcəkdir. Həyəcana lüzum yoxdur, sizə heç bir qorxu yoxdur. Siz köçüb aradan çıxıncaya qədər şəhəri saxlaya bilərəm... Hələlik... Avetisov trubkanı asdı. Hamazasb tələsik otağa daxil oldu və dəstəyi götürüb şəhərə, doktor Araratyana telefon etdi: – Ester, sənsənmi?!–dedi.–İndiyə qədər nə üçün yatmamışsan?.. Xəstə! Xəstəliyin nədir? Başın?! Yəqin özünü soyuğa vermisən... Məni gözləmirsənmi? Bir azdan sonra, əlini öpməyə nail olacağam... Necə?! Necə?! Necə yəni belə sözlərə lüzum yoxdur?.. Bu sözləri də təzəmi öyrənmisiniz?! Ağıllı qız ol! Sən mənim üçün yaranmısan... Saldatla göndərdiyim xüsusi məktubu bir saatdan sonra alacaqsan, ona əməl olunmalıdır. Alo! Alo! Alo! Telefondayam!.. Hamazasb nə qədər «alo! alo!» səslədi isə cavab verən olmadı, çünki Ester, Hamazasbın sözlərini eşitmək istəməyib dəstəyi yerinə asmışdı. Otaqda Avetisov, Hamazasb, bir də Avetisovun rabitə zabitindən başqa kimsə yox idi. Hamazasb ikinci dəfə telefon etmək istədikdə Avetisov Hamazasba dedi: – Xüsusi telefon deyildir. Cəbhə telefonları ilə xüsusi söhbətlərə icazə vermirəm! Hamazasb dəstəyi yerinə qoydu və dedi: – Sizin icazəniz olmadan da danışa bilərəm. Nə demək istədiyinizi bilirəm. Hərgah başqa yer ilə danışsaydım icazə alardım. Buna görə də mən sizin əmrinizi xüsusi və şəxsi bir əmr olduğu üçün qəbul etmirəm. Avetisov rabitə zabitinə dönərək: – Dayandır!–dedikdə o telefonun ştepselini aparatdan çıxartdı. Hamazasb: – Sizin hər ikinizlə hesablaşaram!–deyə eşiyə çıxdı. * * * XVIII. Bakı kommunarları Hava durğundu. Uzaqdan top səsi eşidilirdi. Bakı şəhəri iyul istilərindən qızmış çuğun tavaya bənzəyən fəza altında uyumuşdu. Sahil boyunca yanan elektrik lampaları vərəmli bir xəstənin nəzərləri kimi solğun idi. Narkin adasının önündən keçən yelkənli qayıqlar qanadı sınmış kəpənək kimi ruzigar qabağında süzürdü. Qara şəhər bacalarından çıxan tüstülər qaranlığa qarışmaqda, Xəzərin sakit dalğaları qanad çalmaqda və qocaman Qız qalası su altında yatan əski Səbayel şəhərinin tarixindən parçalar oxumaqda idi. Bakı yatmışdır, lakin Bakı proletariatının rəhbərləri yatmamışdır. Komissarlar Sovetində lampalar yandığından burada fövqəladə bir iclasın davam etdiyi məlum idi. Bütün xalq komissarları, cəbhədə baş verən pozğunluğun nə kimi bir bədbəxtliklə nəticələndiyini həyəcan ilə düşünürdülər. Şaumyan tez-tez dəstəyi alıb ərkani-hərb ilə danışmaq istəyirdisə də telefonun azad olmadığını görüb dəstəyi yerinə qoyurdu. Çünki cəbhə telefonu ancaq doktor Araratyanın evi ilə danışırdı. Bir qədərdən sonra telefon azad oldu. Şaumyan ərkani-hərbi miralayı Avetisovu səslədi və bir az gözlədi, sonra dedi: – Komissarlar Soveti vəziyyəti müzakirə etdikdən sonra belə qərara gəldi: Mütarikə və sülh müzakirəsinə heç vəchlə imkan verilməməlidir. Şəhərdəki bütün hərbi qüvvələr çağırılıb cəbhəyə göndərilir. Sülh müzakirəsinə girişmək lazım olsa belə, cəbhədə lazımi qədərə qüvvəmiz olmalıdır. Şaumyan Avetisov ilə danışdıqdan sonra, hərbi hissələrə verilən xəbərdarlıq işlərinin nə halda olduğunu yoxlamağa başladı. Cəbhə telefonunun zənki çalındı. İki dəqiqədən sonra Petrovun ərkani-hərbindən Komissarlar Sovetinə verilən telefonoqrammanı gətirirdilər. «Otryadın (dəstənin) üçdən iki hissəsi qırılıb məhv oldu. Sol qanadı indiyə qədər saxladıq. Düşmənin təzyiqi nəticəsində sol qanadı da açıb şəhər kənarına çəkildik, çünki öz qüvvəmizlə cəbhəni saxlaya bilmədik. Bir neçə saata şəhər mütləq təslim olar. Petrov dəstəsinin ərkani-hərb rəisi Stepanov». Bu telefonoqrammanın müzakirəsindən qabaq, başqa bir telefonoqramma da gətirdilər. «Vədə olunan qoşunlar cəbhəyə gəlmədi, şəhəri əlaçsızlıqdan türklərə verməliyik. Vədə verdiyiniz qoşundan 320 nəfər gəlmişdir. On altıncı batalyondan gələn saldatlar da müharibədə iştirak etmək istəmirlər. Mənə təcili surətdə ağ bayraq qaldırmaq ixtiyarı və sülh nümayəndələri göndərmək icazəsi verilməsə yüz minlərcə qurbanların məsuliyyəti sizin öhdənizə düşəcəkdir. Cəbhə komandanı Avetisov. 30 iyul, 1918-ci il. Telefonoqramma müzakirəyə qoyulurkən, qapı açıldı. Başda Külxandanyan və miralay Qazarov olaraq, erməni milli sovetinin nümayəndələri salona girdilər. Külxandanyan iclasa müraciət edərək, böyük həyəcan və şiddətli ürək döyüntüsü ilə elan etdi: – Bu saat erməni milli soveti öz qərarını verdi. Milli sovet ağ bayraq qaldırmağı və qaliblərə təslim olmağı qət etdi. Dərhal Komissarlar Sovetinə başqa bir xəbər gəldi: «Sağ eser, sağ daşnaq və menşeviklər qarışıqlıqdan istifadə edərək inkilisləri Bakıya gətirmək üçün nümayəndə və gəmi göndərmişlər». Şaumyan otağı dolaşdı və sonra da iclasa müraciətlə: – Bakı işçilərinə belə bir müraciətnamə buraxmalıyıq,–dedi və müraciətnaməni yazmağa başladı. «Bakı proletariatı, şəhəri qəhrəmancasına müdafiəyə davam edərkən, ancaq Rusiyadan gələn sovet qoşunundan dostluq köməyi ala bilər. Almaniya-Türkiyə-İnkiltərə imperialistlərinə qarşı Bakını ancaq onlar müdafiə edə bilər. Mərkəzi hökumətin göndərdiyi hərbi komissar Petrov yoldaş, hazırda eyni mübarizəni aparmaqdadır. İşçi yoldaşlar! Yoldaş Petrovun bayrağı altına toplanın! Bizdən ötrü ən qiymətli olan işçi-kəndli bayrağının, inqilabi Rusiya tərəfindən göndərilən bayrağın altına! Yaşasın mübariz Bakı proletariatı! Yaşasın böyük Rusiyanın Sosialist Sovet Respublikası! Yaşasın Rusiyadan ayrılmaz və imperialistlərdən asılı olmayan inqilabi Bakı!» 26 Komissar birlikdə iclas salonundan çıxdı. Lakin bu son iclas deyildi. Son iclas günortadan sonraya qalmışdı. * * * XIX. Yeni hökumətin «birinci iclası» İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar. Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı. Sadovski və Ayollo güzgü divarlı pilləkənlərdən yuxarı qalxdıqları zaman, Leyla xanım da xidmətçiləri çağırıb qonaqları qəbul etmək üçün sifarişlər verirdi. Rəhbərlər balkonda sıra ilə düzülərək Leyla xanımın nə zaman qəbul edəcəyini gözləyirdilər. Sadovski bloknotunu çıxarıb uzun bir şey yazdı: onu, xanıma təqdim olunmaq üçün müntəzir duran rəhbərlərin hamısı imza etdi. Sonra Sadovski Leyla xanımın xidmətçisinə verdi. Sadovski yazmışdı: «Möhtərəm Leyla xanım! Mərkəzi Kaspi diktaturasının divani-riyasət üzvlərini lütfən qəbul etməyinizi rica edirik. Hökumət üzvləri birinci mərhələdə, şahzadə Bahadır xanın sevgili rəfiqəsini görməklə tarixi bəxtiyarlığa nail olmaq istəyir. Gələcək hökumətin üzvləri: Sadovski. Ayollo. Məlik-Elçiyan. Velonts. Sako-Saakyan. Bakı, 31 iyul, 1918-ci il». Xidmətçi qız məktubu alıb içəri girdi. Məktubun cavabı keçikdiyindən hökumət üzvləri müvəffəqiyyətsizlik olduğunu güman etdilər. Xidmətçi qız kiçik bir məktub gətirdi. Sadovski məktubu səbirsizliklə oxudu. «Möhtərəm cənablar! Bakıda siyasi təbəddulat yaratmaq işində müvəffəqiyyət qazanmış və yeni hökumət təşkilində fəaliyyət göstərmiş hörmətli və nəcib hökumət üzvlərini 15 dəqiqədən sonra təbrik etməyə nail olacağam. Səmimi dostunuz Leyla». Hökumət üzvlərinin azğın və məğrur başları daha da yuxarı qalxdı. Hamısı bir-birinin üzünə baxır, dişlərini ağardırdı. Məktubu dönə-dönə oxudular. Onlar «yeni hökumət təşkilində fəaliyyət göstərmiş» deyə başlanan cümləni xüsusi sevinclə oxuyurdular. Ayollo: – Verin baxım,–deyə məktubu Sadovskidən aldı, nəzərdən keçirərək vizitqasının cibinə qoymaq istədi. Sadovski onun əlindən alaraq cibinə qoydu: – Məktubun,–dedi,–həm siyasi, həm də tarixi əhəmiyyəti vardır. Buna görə də məktub dövlət arxivinin birinci nömrəli sənədi sayılır. Bundan sonra hamı saatını cibindən çıxarıb baxdı. Altun qaytanlı saatların əqrəbləri çox təxirlə sürünürdü. Leyla xanım qeyd etdiyi «15 dəqiqə» onlara 15 ay qədər uzun gəlirdi. Gözləri saata baxmaqdan yorulduğu üçün hökumət üzvləri ağ dəsmallarla gözlüklərini təmizləyib yenə taxdılar. Məlik-Elçiyanın gözləri yoruldu. O köksünü ötürərək dedi: – Mirasa qalmış əqrəbləri sanki zəncirlə çəkib bağlamışlar. Yerindən tərpənmək bilmir. Qapı açıldı və xidmətçi qadının başı göründü, intizar çəkənlər üçün bu hal böyük bir şadlıq xəbəri idi. Onlar hərbi nizam alaraq xidmətçinin sözünə müntəzir durdular. Xidmətçi qadın: – Leyla xanım əlahəzrətlərin intizarındadır,–dedikdə, hökumət üzvləri «əlahəzrət» sözünü təkrar etdirmək üçün xidmətçidən soruşdular: – Bağışlayasınız, xanım həzrətləri necə buyurdu?! Qadın cavab verdi: – Leyla xanım əlahəzrətlərin intizarındadır. Hər kəs yaxalığını, vizitqasının ətəklərini, jiletinin düymələrini sahmanladı. Jiletinin cibindən bığ çötkəsini çıxarıb bığlarını sildi. Onlar içəri girdilər. Gül dəstələrini açdılar. Sadovski, gətirdiyi gül dəstəsinin üzərinə belə bir məktub qoymuşdu: «Əlahəzrət şahzadə Bahadır xanın həşəmətli xanımı Leyla xanım həzrətlərinə Mərkəzi Kaspi diktaturası üzvü Sadovskidən». Hamı Leyla xanıma baxırdı. Leyla xanım üzünü onlara tərəf çevirərək dedi: – Bu gün tarixi gündür. Bu günü adi günlər kimi qarşılamaq tarixə qarşı etinasızlıqdır. Buna görə də mənim sizdən kiçik bir ricam var. Hökumət üzvləri: – Buyurun!–deyə birdən səsləndilər: Leyla xanım sözünə başlayaraq: – Mən əlahəzrətlərin gəldiyini eşidərkən, fotoqraf üçün adam göndərmişəm,–dedi,–yeni hökumət üzvləri, söz yoxdur ki, öz əkslərini almağa icazə verərlər. Hökumət üzvləri cavab verdilər. – Xanımın hörmətindən razıyıq! Biz bu iltifata qarşı Mərkəzi Kaspi diktaturası tərəfindən izhari-təşəkkür edirik. Bunu, şifahən olduğu kimi yazılmış halda da Leyla xanıma təqdim etməyi öhdəmizə alırıq. Heç kəs yerə oturmamışdı, çünki Leyla xanımın özü də ayaq üstə durub danışırdı. Leyla xanım ha tərəfə çevrilirsə, hökumət üzvləri də posla əqrəbi kimi o tərəfə çevrilirdi. Leyla xanımın abı ipək donunun ətəkləri yelləndikcə, loriqan qoxusu otağı ətirlədikcə yeni hökumət üzvləri də dərin nəfəs almağa çalışırdılar. Fotoqraf gəldi. Leyla xanım gül dəstələrini hökumət üzvlərinin qucağına verdi: – Əvvəlcə əlahəzrətlərin rəsmini birlikdə aldırmaq istəyirəm,–dedi,–çünki bu gün alınacaq rəsm, Mərkəzi Kaspi hökuməti Dövlət Muzeyinin birinci nömrəli asarı olacaqdır. Sadovski Leyla xanımdan icazə alaraq danışdı: – Leyla xanımın icazəsilə bizim rəsmlərimizin Dövlət Muzeyində birinci yeri yox, ikinci yeri tutmasını ərz edərdim. Leyla soruşdu: – Əcəba, birincilik üçün bundan qiymətli bir asar varmı? Sadovski dişlərini ağardaraq: – Bəli, vardır,–dedi.–Leyla xanımın iki dəqiqə əvvəl yazdığı məktub birinci yeri tuta biləcək bir sənəddir. Leyla nazlanaraq: – Etirazım yoxdur,–dedi,–ikinci bir ricam var.–Mən istərdim ki, Qafqaz səfərindən qiymətli bir yadigar olmaq üçün, əlahəzrətlərlə birlikdə əksimi aldıram. Mənimlə birlikdə əks aldırmaq əlahəzrətlərin siyasi əzəmətlərinə toxunmazsa mən bundan razı qalar və şad olardım. Hökumət üzvlərinin hamısı birdən: – Bütün hökumət üzvləri Leyla xanımın sərəncamındadır,–deyə səsləndilər və baş əydilər. Söhbətin mövzuu dəyişdi, hələ oturmadan Leyla xanım onlara belə bir sual verdi: – Madam ki, mən əksimi əlahəzrətlərlə birlikdə aldıracağam, bir halda ki, əlahəzrətlər məni bu şərəfə nail etməyə tənəzzül buyururlar, mənim nə paltarda əks aldırmağım da aydınlaşmalıdır; bunu əlahəzrətlərin təyin etməsi lazım deyilmi? Xüsusən mənim əlaqə saxladığım Sadovski cənabları, bu barədə öz fikrini söyləməlidir. Çünki onun fikri mənim şəxsi həyatımda da həlledici fikirlərdəndir. Bu sözdə Sadovski sevincindən özünü itirdi. O, Leylanın sözlərini ürəyində təkrar edir və danışırdı: «Qız məni sevir. Qız özünü mənə təslim edir. Ölsəm də, məhv olsam da bunu şahzadə Bahadır xanın əlindən alacağam. O nə adamdır? Mədəniyyətsiz bir hindistanlıdır. Belə deyilmi? Çox da ki, o Dehli ölkəsinin padşahıdır. Hazırda mən ondan yüksək mövqe tutmayırammı? İndi mənim idarə edəcəyim ölkə bütün dünyada yanacaq sahəsində ikinci mövqe tutmurmu? Mən istəsəm bir gündə dünyanın böyük bir hissəsini qaranlıqda qoya bilərəm. Bahadır xan nə edə bilər?! Heç bir şey!.. İndi bu saat Hindistan deyil, Hindistanın sahibi inkilislər belə mənim əlimə baxırlar. Mən təklif etsəm, inkilislər yüzlərcə Bahadır xanları qurban verməyə razı olarlar. Çünki Bakı hər şeydən qiymətlidir». Sadovski bu dumanlı fikirlərlə uğraşarkən, Leyla xanım əlini onun çiyninə qoyub bir daha səslədi: – Buyurun! Mən sizi gözləyirəm! Neçə paltar geyməli olduğumu təyin edin! Bu sözlər Sadovskinin fikirlərini təsdiq etdi. Sadovski bu güman ilə dedi: – Mənim əziz dostum! Əksimizin yaxşı çıxması üçün qara paltar geymək daha münasibdir. Leyla xanım başqalarına müraciətlə: – Birlikdə aldırdığımız şəkil, böyük simaların stolu üzərində duracaqdır, ona görə əlahəzrətlər də öz fikrini bildirməlidir. Bu söz hökumət üzvləri arasında ruh yüksəkliyi oyatdı. Sadovski fotoqrafçıya müraciətlə: – Elə isə eşik otaqda rahat olun, ağalar qəti qərara gəldikdən sonra sizi dəvət edərik,–dedi. Leyla xanımın icazəsilə rəhbərlər vizitqalarının ətəklərini qaldıraraq qoltuqlu stullarda oturdular. Xidmətçi qadınlar stol üzərinə şəkərçörəyi, konfet və çay düzürdülər. Milyonçu evində dəfələrlə Əmiri-Buxaraya, qubernatorlara, valilərə, nazirlərə açılan çay stolu, indi də Leyla xanımın əziz qonaqlarının qarşısında açılmışdı. Gümüş samovar stol üzərinə qoyuldu. Leyla xanım xidmətçi qadına dönərək: – Özüm çay verəcəyəm,–deyə onu azad etdi. Hökumət üzvləri arasında Leyla xanımın hansı libasda əks aldırması barəsində mübahisə qopdu. Bu iclasa Mərkəzi Kaspi hökumətinin birinci iclası demək olardı. Bu iclas hökumət üzvlərinin 31 iyul axşam saat 11-də çağırdığı birinci rəsmi müşavirəni əvəz edirdi, çünki mübahisə çox uzun çəkdi. Müşavirənin vaxtı ötdü. Leyla xanım özünün çap olunmuş geyim albomunu stol üzərinə qoydu. Yeni hökumət üzvləri gözlüklərini taxaraq, albomu gözdən keçirdilər. Geyimlərin modu, cinsi, rəngi və qiyməti haqqında öz cib dəftərlərində qeyd etdilər. Mübahisə qızışdı. Hər kəs rəng üzərində, hər kəs bir mod və bir cins üzərində dayandı və çıxış etdi. Gecə saat üçə qədər danışdılar, razılaşa bilmədilər. Leyla xanım iclasın mabədini sabaha qoymağı təklif etdi. Sadovski söz aldı: – Xanım həzrətləri, etiraz etməyə icazə verin. Çünki vaxt hazırkı momentdə hər dəqiqə yeni hökumət üzvləri üçün qiymətlidir. Hökumətin bir çox təcili məsələləri var, rica edirəm bu gün işimizi bitirək. Bu təklif bir səslə qəbul olundu. Müşavirə davam edirdi. Bu gecə Bakı mühiti, Bakı fəzası, Mərkəzi Kaspi hökuməti üzvlərinin fikirləri qədər qaralmışdı. Mərkəzi Kaspi hökuməti üzvləri Leyla xanım ilə əyləndikləri, mədələrini şəkərçörəyi ilə doldurmağa çalışdıqları halda, hökumətdən çəkilən bolşeviklər yenə də Kommunaya sadiq qalan Bakı proletariatına başçılıq edərək Petrovun dəstəsinə qoşulub Bakının müdafiəsinə çalışırdılar. Geyim üstündə mübahisə davam etdiyi zaman Bakını mühasirə edən Türkiyə ordusu ərkani-hərbində də müşavirə vardı. Mürsəl paşa və Nuru paşa Bakı xəritəsini açıb, Bakı proletariatının qəlbinə hansı tərəfdən yara vuracaqları haqqında mübahisə edir və hücum nöqtəsini təyin etməyə çalışırdılar. Paşalar hücum üçün orduya təlimat göndərdikləri zaman, menşevik və sağ daşnaq nümayəndələri də Leyla xanımın qara paltar geyməsini qət etdilər. Sağ esərlər buna qəti etiraz etdilər. Onlar deyirdilər: – Əvvələn, Leyla xanımın saçları, gözləri və qaşları qaradır. Onun geyimi də qara olsa, tarixi şəklin nəfasəti azalmış olacaqdır. Xüsusən, xanımla birlikdə əks aldıracaq hökumət üzvlərinin də libasları qaradır. Daşnaqlar 12 nömrəli geyimi bəyənmişdilər. Sağ esərlər 44-cü nömrəni seçdilər. Nəhayət, qırmızı libası təklif etdilər. Menşeviklər qırmızı rəngə etiraz edərək dedilər: – Ağalar, bu siyasi savadsızlıqdır. Biz hələ qırmızılardan yaxa qurtarmadan, qırmızı rəngə rəğbət göstərmək böyük səhvdir. Leyla xanım bu kimi yersiz mübahisələrlə Mərkəzi Kaspi hökuməti üzvlərinin vaxtını almağa və onsuz da zəif olan müdafiə işlərini pozmağa çalışırdı. Leyla xanım hökumət üzvlərinə dönərək dedi: – Əlahəzrətlər icazə versəydi, mən də bu barədə danışardım. Böyük Britaniyanın kiçik, alçaq və rəzil nökərləri başlarını əydilər ki: «Buyurun, biz xanım həzrətlərinə Böyük Britaniyanın siyasi nümayəndəsi kimi baxır və hörmət bəsləyirik». Leyla xanım daha da nazlanaraq davam etdi: – Mənçə ağ paltar geyməyim məsləhətdir. Zira, ağ paltar Mərkəzi Kaspi hökuməti himayəsində yaşayan Azərbaycan xalqının gələcək işıqlı günlərinin simvoludur. Əlahəzrətlər maraqlanırsa, mən ağ paltarda aldırdığım şəkli göstərə bilərəm. Leyla xanım əlini atıb redikulundan bir şəkil çıxartdı. Şəkli bir saata qədər əldən-ələ gəzdirdilər. Hamı bəyəndi: – Belə lazımdır! Əks ağ paltarda alınmalıdır! Sadovski öz razılığını elan edərək dedi: – Biz, bolşeviklər kimi inadçı deyilik, menşeviklərin siyasəti barışmaq və razılaşmaq siyasətidir. Biz güzəştə getməklə də əksəriyyət qazana bilərik. Mən əksəriyyətə tabe olanlardanam. Səsə qoyuram: xanımın ağ paltarda əks aldırmasına kim razıdırsa əlini qaldırsın! Hamı əlini qaldırdı. Gecə saat dörddə məsələ həll olundu. Leyla xanım libasını dəyişmək üçün otağına keçdi. Leyla xanımın paltarını dəyişməyi və tualetini düzəltməyi iki saatdan artıq çəkdi. Bu zaman xidmətçi qadın içəri girib fotoqrafçının evinə getmək üçün icazə istədiyini xəbər verdi. Sadovski xidmətçiyə dedi: – Get fotoqrafçıya de ki, hökumət əmr edir, oturub gözləsin; hökumət onun bu xidmətini qeyd edəcək və bundan sonra mühüm sifarişləri ona tapşıracaqdır. Leyla xanım hökumət üzvlərini lazımi qədər saxlamışdı. Artıq onların özləri də getməyə tələsmirdilər. Çünki şəhərin müdafiəsi üçün gecə saat on birdə çağırılmış birinci müşavirə pozulmuşdu. Onlar Leyla xanımın görüşünə gələrkən onu birinci müşavirəyə aparmaq fikrində idilər. Leyla xanım isə onları gecə saat beşə qədər öz yanında saxlamağa müvəffəq olmuşdu. Saat altının yarısında Leyla xanımın qapısı açıldı. Sadovski ağ ipək paltar geyinmiş Leyla xanımı görüb dilləndi: – Ağ buludlara bənzəyən incə vücud, yenə də ağ buludlar kimi hərəkət edir. Qara saçları örtən ağ örtüyün ucları da mələk qanadı kimi tərpənir. Biz indi qırmızı təhlükəni təsviyə etməkdən ötrü Bakıya uçan cənub mələyini görürük. Hökumət üzvləri ayağa qalxaraq Leyla xanımı alğışladılar. Fotoqrafçı gəldi. Əks alınmağa başlanırkən, yenə bir ixtilaf çıxdı, indi də Leyla xanımın kimin yanında oturması məsələsi mübahisə törətdi. Leyla xanım işə girişərək dedi: – Bu ixtilafı özüm ləğv edəcəyəm: sağ tərəfimdə cənab Sadovski, sol tərəfimdə Velonts həzrətləri, arxamızda sağ daşnaq partiyası nümayəndəsi, qarşıda isə Ayollo cənabları ilə başqaları oturmalıdır. Bu qərarla fotoqrafçı da razılaşdı. Lakin fotoqrafçı xahiş etdi ki, əlahəzrətlər yarım saat gözləsinlər. Çünki yarım saatdan sonra, hacının böyük şüşəli pəncərələrinə gün düşəcək idi. Buna görə də şam üçün hazırlanmış xörəklər səhər yeməyi əvəzinə sufrəyə verildi. Yeməyə başladılar. Hacının mahir xidmətçiləri çevik işləyirdilər. Qabların, qaşıqların, çəngəl-bıçaqların, qəhqəhə və nitqlərin səsi evi başına almışdı. Çəbhədən-çəbhəyə atılan yorğun əsgərlərin təngnəfəsliyi, açlığı, xalqın menşeviklərə yağdırdığı lənətlər, hacının evində kef çəkən hökumət üzvlərinin heç vecinə deyildi. Şəhər atəş və dəhşət içində idi. Türk ordusu çəbhəsindən atılan top güllələri bütün Bakı mühitini titrədirdi. Şəhəri müdafiə üçün Petrovski meydançasında toplanan Petrov qızıl əsgərlərinin başına güllə yağırdı. Sufra yığışdırıldı. Günəş şuaları Leylanın qara ipək saçlarını oxşadığı zaman, fotoqrafçı da içəri daxil oldu. Bir əks Leyla xanımla, digər bir əks də Leyla xanımın iştirakı olmadan alındı. Fotoqrafçı negativləri öz meşin sumkasına qoyduğu zaman Leyla dedi: – Negativləri mən özüm düzəldəcəyəm, bu barədə təcrübəm vardır. Öz əlimlə düzəltməyim, əkslərin tarixi əhəmiyyətini bir daha artırmış olacaqdır. Bu söz Sadovskiyə yenidən ilham verdi. O, Leyla xanımın əlini sıxaraq dedi: – İndi biz sənin xidmətinizə nə üçün gəldiyimizi söyləyib sizi təbrik edə bilərik, ingilis qonaqları Bakıya gətirmək üçün Ənzəliyə xüsusi heyət və gəmi göndərilmişdir. Heç şübhə yoxdur ki, cənab şahzadə Bahadır xan həzrətləri də tezliklə Bakıya təşrif buyuracaqlar... Hökumət üzvləri eşiyə çıxdıqda, Leyla xanım qapını bağladı və onların dalınca qəhqəhə ilə güldü. Xidmətçi qadını çağırıb əmr etdi ki, kimsəni içəri buraxmasın. Leyla xanım əvvəl hökumət üzvlərinin əkslərinin surətini çıxarmaqla məşğul oldu. Sonra da onlarla bərabər aldırdığı əksə diqqətlə baxaraq şüşəni sındırdı. Telefon otağına keçdi, Ağabala Quliyevi səslədi və bir neçə saniyə danışdı: – Leyla xanımdır! Hökumət üzvlərini dünən axşam saat 9-dan səhər saat 7-yə qədər burada saxlamışdım. Axşam saat 11-də çağırdıqları müşavirənin baş tutmasına imkan vermədim. Ordu ərkani-hərbinə göndərilmək üçün əkslərini aldırdım. Lakin olduqca qalın, qaba və axmaq həriflərdir. Bunların hamısından sonra. verdiyiniz vədlərə əməl olundumu?.. Təşəkkür edirəm... İnanmıram... Nə vaxtdan bəri... iki saat əvvəl?.. Əcəba, mənə nə üçün xəbər verməmişdir! İndi danışmaq mümkündürmü? Mümkündür? Elə isə telefonu ərkani-hərbin xüsusi telefonu ilə rəbt etmək olmazmı?.. Olar? Elə isə gözləyirəm. Lakin cənab Ağabala, siz diqqətli olmalısınız. Telefon başqa yerə rəbt olunsa, yaxud bir dolaşıqlıq olsa, başqa telefonlarla əlaqə yaransa, bütün səyimiz hədər gedəcəkdir. Çox gözəl, əmin oluram... Leyla xanım telefonda durub bir neçə dəqiqə gözlədi. Nəhayət, telefonun zəngi vuruldu, Leyla heç bir söz demədən dəstəyi götürüb dinlədi və: – Cənab hacı Zeynalabdin Tağıyevin evidir... Əvət! Xaricdə nömrə 11, daxildə 4, vəsiqə 21, vasitə 41, təftiş 55, dolamabağça 16. Dinləyin şifahi nömrə 1. Rus ayının 26-daki iclas qırmızıların məğlubiyyətilə nəticələndi. İclasda menşeviklər, sağ eser və sağ daşnaqlar əksəriyyət qazandı. Sol daşnaqlar və sol eserlər qırmızılara sadiq qalıb, bolşeviklərin tərəfinə keçdilər. Bakıda gələcək hökumət Mərkəzi Kaspi üzvlərindən seçiləcəkdir. Bolşeviklərin azlıqda qalmalarına baxmayaraq, hələlik Xalq Komissarlar Soveti öz işini aparır. Mərkəzi Kaspi hökuməti təşkil edilmişdir. İşçilərin çox hissəsi yenə də bolşeviklərə sadiq qalmışdır. Dünən axşam, ingilisləri Bakıya gətirmək üçün gəmi göndərilmişdir. Lakin Ənzəlidən aldığımız məktuba görə ingilislərin qüvvəsi ayın birindəkindən artıq deyildir. Biçeraxov öz qüvvələrini Şimali Qafqaza çəkmiş və bolşeviklərlə əlaqəni kəsmişdir. Çəbhədəki erməni batalyonları itaətsizliklə davam edir: Mərkəzi Kaspi hökumətinin başıpozuqları intizam altına ala biləcəyi və çəbhəyə göndərəcəyi şübhəlidir. Hazırda çəbhəni, ancaq Şaumyanın tələbi ilə Moskva bolşevikləri tərəfindən göndərilmiş Petrovun dəstəsi müdafiə edir. Onlar öz qüvvələrini şəhərin içinə köçürmüş və toplarını əski qəbiristana baxan geniş meydanda yerləşdirmişlər. Şaumyan işçiləri Petrovun ətrafında toplamağa çağırır. İngilisləri Bakıya gətirmək şanyələri müsəlmanlar tərəfindən nifrətlə qarşılanır. Bolşevik ruhlu işçilərdən və bəzi ziyalılardan başqa, bütün camaatın Türkiyə himayəsinə rəğbət bəslədiyi hiss olunur. Erməni-müsəlman xalqı arasında düşmənçilik yayılmasına menşevik təşviqatçıları yardım vermişlər. Menşeviklər erməni-müsəlman ədavətinin təqsirini bolşeviklərin boynuna atmaq, bununla da bolşeviklərı kütlə arasında etibardan salmaq istəyirlər. Böyük kapitalistlər arasında müstəqim bir fikir yoxdur. Bakı müsəlmanları arasında mötəbər sayılan və eyni zamanda Bakı zənginləri arasında böyük nüfuza malik olan hacı Zeynalabdin Tağıyev olduqca islampərəst adamdır. Bu zat əski Rusiyanın bərpa ediləcəyinə inanmır. O, qırmızılardan və Vətəndaş müharibəsindən qorxur. Buna görə də o, Azərbaycanın bolşeviklərə cavab verə biləcək qüvvətli bir hökumət əlində olmasını istəyir. Tağıyev və onun yoldaşları, açıq deməsələr də, həqiqətdə ingilis tərəfdarıdırlar. Tağıyev öz xüsusi söhbətində alman-türk ordusunun qalib gələcəyinə inanmadığını dedi. O, «müsavat» partiyasına heç də hörmət bəsləmir. Onların istiqlaliyyət iddialarına gülür. Çünki o, bilir ki, «müsavat» hökuməti onun var-dövlətini bolşeviklərdən qoruya bilməyəcəkdir. Tağıyev Misir və Hindistandakı asılı və yarım müstəqil hökumətlər kimi bir hökumət tərəfdarıdır. Bu kimi fikirlər «müsavat» partiyasının rəhbərliyi altında düzələn, milli komitə üzvləri arasında da yayılır. Lakin Bakı əhalisində Türkiyəyə təslim olmaq meyli gündən-günə artmaqdadır. Bolşeviklərin inadı ordumuzun Bakıya girməsinə əngəl törədir. Daşnaq və menşeviklərin ayın 26-da da əksəriyyət qazanmaları bir ay bundan əvvəl əldə edilə bilsəydi, ordumuz, qan tökülmədən Bakını alacaqdı. Çünki çəbhədəki orduya, yalnız bolşeviklər rəhbərlik edir. Menşevik təşviqatı nəticəsində bəzi dəstələr müharibədən boyun qaçırmışsa da bolşeviklərin rəhbərlik etdiyi qoşunlar Bakı müdafiəsini özü üçün həqiqi vəzifə saymaqdadır. Yerli əhali Mərkəzi Kaspi hökumətinə inanmır. Onlar yeni bir təbəddülat gözləyirlər. Yerli burjuaziyanın müəyyən bir qrupu ingilislərin Bakıda qalacağına inanmasa da, nəticədə Bakını ancaq çar generallarına təslim edib gedəcəyinə inanırlar. Mərkəzi Kaspi hökuməti üzvlərinin rəsmini aldırmışam. Sabahkı məktubumla göndərəcəyəm. * * * XX. İngilislər gəlir Bu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər. «Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi. Çəbhə ilə danışdılar. Üsyan etmək barəsində ordu ərkani-hərbinin fikrini soruşdular. Yarım saatdan sonra Leyla xanım ərkani-hərbin təlimatını elan etdi: – Ordu ərkani-hərbi daxildə iğtişaş etməyi məsləhət görmür. Üsyan ingilislərin şəhərə daxil olması ərəfəsində baş versə, onlar bəhanə edərlər ki, şəhəri müharibə ilə almışıq. Üsyan yerli müsəlmanlar üçün zərərlidir, çünki şəhər çəbhəyə çevrilmişdir. Hamazasbın batalyonu kimi, daşnaq partiyası təsiri altında olan başqa erməni qoşun hissələri də tamamilə şəhər içindədir. Silahsız müsəlmanları ikinci kərə aldadıb üsyana qaldırmaq, onları qırdırmaq deməkdir. Qoşunların və topxananın yerləşmiş olduğu küçələrdən və çəbhə yaxınlığından müsəlmanları şəhərin şimal və qərb tərəflərinə köçürmək lazımdır. İngilisləri Bakı ruhaniləri ilə qarşılamaq və onlara hörmət etmək tamamilə yersizdir. Müşavirə müəyyən qərara gəlmədən qapandı. Çünki türk ordusu şəhərə girməkdə idi. Qorxaq adamların çoxu iclası buraxıb getmişdi. Leyla xanım müşavirədən sonra telefon otağına keçərək, çəbhə ilə danışmağa və müşavirədən aldığı təəssüratı deməyə başladı: – Müşavirə, müzakirəni dayandırdı. Onlar Gəncədən, partiyanın mərkəzi komitəsindən təlimat gəlincəyə qədər müəyyən qərar çıxara bilməyəcəklərini söylədilər. Mənim «müsavat»çılara o qədər də ümidim yoxdur. «Müsavat» partiyası güclü bir hökumətin qucağına atılmağa çalışır. İngilislər erməni məsələsinə də güzəştə getsə, müsavatçıların xahişini dinləsə, onlar ingilislərin tərəfinə keçərlər. Hər halda Türkiyənin Zaqafqaziya siyasətində «müsavat» partiyasının yardımına ümid bəsləmək olmaz. «Müsavat» partiyası, avam camaat arasında özünü Türkiyə tərəfdarı kimi tanıtmaqla nüfuz qazanmağa çalışmışdır. Camaat bu partiyanın özünə, onun işinə hörmət bəsləmir. Çünki partiya kütlənin partiyası deyil, müəyyən bir qrupun, daha açığı bir ovuc ziyalıların, bəylərin və xanların partiyasıdır. Xüsusən kəndlilərlə «müsavat» partiyası arasında dərin bir uçurum vardır. Çünki mülkədarlar və ümumiyyətlə bütün istismarçılar «müsavat» partiyasının rəhbərliyi sırasındadırlar. «Müsavat» partiyasının adi üzvlərinin çoxu qoçuların təhdid və tapançası gücünə partiyaya daxil olanlardır. Kəndlilər bolşevik təbliğatı ilə əhatə edilmişlər. Mülkədar evlərini kütləvi surətdə dağıdır, onları malikanələrindən qovurlar. Bütün bunları nəzərə alaraq, türklərin «müsavat» hökumətini təşkil etmək şüarı ilə Bakıya girmələri müvəqqəti bir şeydir. «İslamları ermənilərdən qorumaq üçün türklərin Bakıya gəlməsi» şüarı bizim üçün əlverişli bir şüardır. Bunun üçün də dindar və avam camaat türkləri gözləyir. «Müsavat» partiyasının bizim üçün ən əlverişli bir siyasəti varsa, o da Azərbaycan müsəlmanları arasında ermənilərə qarşı intiqam fikri oyatmasıdır. «Müsavat» partiyası bu sahədə daşnaq partiyası rəhbərlərindən artıq çalışmışdır. Bakı neftinə «müsavat» partiyasının yardımı ilə sahib olmaq fikri əsassız bir arzudur, çünki bu partiya nüfuzlu partiya deyildir. Bakıdakı müxtəlif partiyalara nisbətən «müsavat» partiyası çox zəif bir mövqe tutur. Varlı kəndlilər arasında nüfuza malik olan partiya «İttihadi-islam» partiyasıdır. Bütün ruhanilər, mütəəssib adamlar, əski osmanlı ədəbi məktəbini keçən ziyalılar, əski müəllimlərin müəyyən bir hissəsi Azərbaycanda nəşr edilən Jontürk mətbuatının ədəbi məktəbini keçənlər «İttihadi-islam» partiyasının nüfuzu altındadırlar. Bunlardan sonra, əski rus tərbiyəsi almış və rus mədəniyyəti ilə ruhlanmış müəyyən bir qrup ziyalılar var ki, yenə də əski Rusiyaya məhəbbət bəsləyirlər. Əski zabitlər, yüksək və orta vəzifədə olan hökumət məmurları və bir sıra müəllimlər bu qrupa daxildirlər. Leyla xanım dəstəyi yerə qoydu. Paltar otağına getməli idi. Çünki Mərkəzi Kaspi Diktaturası üzvləri xəbər vermişdilər ki, Leyla xanımın yanına gəlib onu götürəcək, ingilisləri qarşılamaq üçün birlikdə körpüyə gedəcəklər. O, hələ paltar otağına girməmişdən, xidmətçi qadın bir məktub gətirdi. Leyla xanım zərfi oxuyan kimi bədəni titrədi. Zərfin üzərindəki yazı Rayanın xətti idi. Ağabala Quliyev Rayanın qaçdığını indiyə qədər Leyla xanıma xəbər verməmişdi. O, tələsik otağına daxil olub zərfi açdı. – Aman allahım, gör o, nə yazır, – deyə məktubu oxumağa başladı: «Vicdansız Leyla! Sən məhv olduğunu zənn etdiyin və Bakı qoçularının «vicdanına» əmanət tapşırdığın Raya ölməmişdir, diridir! Mən indi azadlığa çıxmışam, mən bütün vaxtını işçi sinfinə qarşı xəyanətlə keçirən namussuz, vicdansız bir türk qızına təsadüf etdikdə ümumiyyətlə türk qızlarının namus və əzəmətinə heç də şübhə etmirəm. Çünki mən sənin həbsxanandaca işçi sinfinin qeydinə qalan, namuslu və məhəbbətli bir azərbaycanlı qız gördüm. Mən indi bütün əməkçi qadınlığın sədaqət və əzəmətini həbsxanada xidmətimə təyin olunmuş yoxsul bir qızın simasında gördüm. İndi gələk sənin məsələnə. Mən həbsxanadan qaçdığım günün səhəri bolşeviklərin vasitəsi ilə səni həbsə aldıra bilər və cəzalandırmağı bacarardım. Mən bir neçə səbəblərə görə bundan vaz keçdim. Mən ingilislərin, eləcə də Mərkəzi Kaspi diktaturasının əleyhinə çalışıram. Onlar mənim məslək düşmənlərimdir. İvanovun xəyanətini mən açdım, onun hazırladığı suiqəsdi ifşa etdim. Mən bundan sonra işləmək fikrində olmasaydım, öz sirrimi açmaq, yaxud həmişəlik Bakıdan getmək istəsəydim, səni bir saat azad buraxmaz, həbs etdirərdim. Lakin belə olduqda ingilislər, elə də Mərkəzi Kaspi diktaturası üzvləri mənim özümü də tanımış olacaqdı. Leyla, sənin bu neçə gündə azad dolanmağına səbəb bunlardır. Sən əmin ol ki, illərdən bəri çalışdığın arzulara nail ola bilməyəcəksən. Sən türklərin Bakıda hökumət sürdüyünü görə bilməyəcəksən. Türklər Bakıya gəlsə də səni görməyəcəklər. Mənim haqqımda bacardığını əsirgəmə. Mən xəbər verirəm: səni öz əlimlə cəzalandıracağam, ayıq ol!.. Raya 3 avqust, 1918-ci il». Leyla məktubu bir neçə kərə oxuduqdan sonra dəli kimi yerindən qalxıb telefona qaçdı və Ağabala Quliyevi səslədi. – ...Bəli, danışan Leyladır!.. Əlbəttə acıqlıyam!.. Sizə tapşırdığım bolşevik qız haradadır?! Nə üçün mənə xəbər verməmişsiniz? Bu böyüklükdə bir xəyanətdən qorxmadınız, amma mənə xəbər verməkdən qorxdunuzmu?! Siz bilirsinizmi ki, o qız istədiyi zaman məni məhv edə bilər?! Siz bilirsiniz ki, haman allah bəlasını vermiş qız bütün sirlərimizi bilmişdir. Xeyr, heç bir təşəbbüs lazım deyil. Onu öz başına buraxın!.. Yox! Yox! Heç bir tərəfə getməmişdir. Buradadır. Bu gün təhdid məktubunu almışam... Sizə oxuyaram. Onu nə axtarmaq, nə də ona toxunmaq lazımdır. Siz mənim bütün planlarımı pozdunuz... Bəli pozdunuz... Siz nə avam və qeydsiz adamlar imişsiniz! Mənim ən qiymətli bir vəsiqəmi və türklər üçün ən dəyərli bir hədiyyəmi əldən verdiniz. Yaxşı. İndi daha iş-işdən keçmişdir. Mənim müdafiəmi düşünməlisiniz. Bolşevik qız məni cəzalandırmaqla təhdid edir... Allah bəlanızı versin... Leyla sərxoş adamlar kimi telefon başından qalxıb öz otağına girdi. Əllərilə başını tutaraq Rayanı həbs etdirmək işinin səhv olduğunu indi düşünürdü. Xidmətçi qız qapını döydü. Leyla daxil olmasına icazə verdi. Xidmətçi qız hacının Mərdəkan kəndindən yazdığı məktubu Leylaya verdi. «Mənim ikinci Leylam! Bağın havası olduqca lətifdir. Şəhərdən Mərdəkana qaçanlar, şəhərin həddən artıq isti olduğunu danışırlar. Biz səndən nigaran qalmışıq. Mümkün olsaydı yığışıb bağa gələrdin. Sənə çörək göndərdik. Çünki Bakıda çörək olmadığını eşitmişik. Leyla! Allahın köməyi ilə türklər Bakıya daxil olursa, paşaların şərəfinə onlara ziyafət verərsən. Mərdəkanda türk zabitləri və qoşunu üçün çörək hazır etdirmişəm. Qoyun və öküz alınmışdır. İlk dəfə bütün ordunu qonaq edərsiniz. Cənab Ağabala ilə danışarsan, qonaqlığı lazımınca təşkil etsinlər. Bu belə, inşallah özüm də şəhərə gəlib əziz qonaqlarla görüşərəm. Allah eləməmiş, türklərdən qabaq ingilislər Bakıya girsə, istiqbal edərsən, cənab şahzadə Bahadır xanı və generalı evə gətirərsən, gözəl ziyafət təşkil edərsən. Bacardıqca cəlal və dəbdəbə göstərərsən. Qoy ingilislər bilsin ki, Bakıdakı müsəlmanlar mədəniyyət və cah-cəlal cəhətincə ermənilərdən yuxarıdır. Evləri lazımınca gəzdirib göstərərsən. Pasajı, bankımı, mülklərimi və bacarsan toxucu fabrikimi göstərərsən. Divardakı dəmir sandığın açarını göndərərəm. Açıb padşah göndərdiyi həmayilimi və nişanları, generallıq fərmanını da onlara göstərər və məni lazımınca onlara təqdim edərsən. Mənim yazmağım lazım deyil. Özün necə bilirsən elə də danış. Bakıya hər hansı padşah məmuru və yuxarı mərtəbəli adam gəlibsə ancaq məni tanıyıb. Dediyim odur ki, ayıq olasan, gərək ingilis generalı da hacını qeyd etsin. Bu barədə cənab şahzadə Bahadır xanı da başa salarsan. Qızım! Bir də bunu yazıram ki, bir vaqon alt paltarlığı bez vardır. Hansı hökumət qabaqca Bakıya girsə, həmin hədiyyəni mənim tərəfimdən təqdim edərsən. Osmanlılar gəldi—osmanlılara, ingilislər gəldi—ingilislərə... Bunun islam milləti üçün çox faydası olacaq. Sənə bir açıq məktub da göndərirəm. Hərgah ingilis generalını və cənab şahzadə Bahadır xanı ziyafətə dəvət etmiş olsan, bu məktubu oxuyub onlara tərcümə edərsən. Hacı Zeynalabdin Tağıyev Mərdəkan, 4 avqust, 1918-ci il». Leyla xanım hacının ingilis qonaqlara yazdığı məktubu da oxudu: «Möhtərəm qonaqlar! Çox təəssüf edirəm ki, bir tərəfdən qoçalıq, o biri tərəfdən də xəsislik möhtərəm qonaqlarla bir sufrədə əyləşməyimə imkan vermədi. Mən möhtərəm qonaqların zəhmət çəkib evimə təşrif buyurmasını özüm üçün böyük, həm də tarixi bir iftixar sayıram. Mən həyatımda çox xoşbəxtliklər görmüşəm. Mən, Buxara əmiri—həzrətləri ilə bir süfrədə çörək yemişəm. 3-cü Aleksandr həzrətləri böyük kilsənin bünövrə daşını qoymaq üçün Bakıya gəldiyi zaman onunla da bir süfrədə nahar etmək səadətinə nail olmuşam. Daxiliyyə naziri müavini cənab Fon-Val Bakıya təşrif gətirdiyi vaxt onunla da bir süfrə başında əyləşmişik. 6-cı illərdə Qafqaz canişini hörmətli Vorontsov—Daşkov cənabları Bakıya təşrif gətirəndə həmin siz əyləşdiyiniz ziyafət salonunda hüzuruna müşərrəf olmuşam. Bu gün isə ən mədəni və nəcib ingilislərlə tanış olur və əməkdaşlığa başlayırıq ki, bu da yalnız mənim üçün deyil, bütün Zaqafqaziya müsəlmanları üçün bir xoşbəxtlikdir. İnşallah, sağlıq olursa sabah, ya birisi gün hörmətli və əzəmətli qonaqların ziyarətinə nail olacağam. Hörmətlə, hacı Zeynalabdin Tağıyev. Leyla xanım hacının yazdıqlarını telefonla Ağabala Quliyevə xəbər verdi və hər ehtimala qarşı ziyafətə hazırlıq görməsini tapşırdı. Sonra da ingilisləri qarşılamaq üçün geyinməyə və özünə ziynət verməyə başladı. Mərkəzi Kaspi Diktaturası üzvləri ilə sağ daşnaq rəhbərlərinin birləşmiş müşavirəsi bu gün şəhərə daxil olacaq ingilis ordusunun qəbulu məsələsini müzakirə edir və tədbir tökürdülər. Ordu üçün boşaldılan binaların siyahısı oxunanda Araratyan söz alıb danışdı və Mərkəzi Kaspi Diktaturası üzvlərini tənqid etdi: – Siz ingilis ordusuna yer verməyi və onlara layiq binalar hazırlamağı bacarmırdınızsa məni Ənzəliyə və həmədana ingilisləri dəvət etməyə göndərməməli idiniz. Yaxud bunu əvvəlcədən xəbər versəydiniz, mən ingilis generalına deyərdim ki, cənab general, Bakı zəngin və qiymətli bir şəhər olsa da orada iki yüz, üç yüz minlik bir ordunu yerləşdirmək olmaz; yaxşı olar ki, Bakıya gətirilən ordu yüz mindən artıq olmasın. İndi görürəm ki, sizin hazır etdiyiniz binalarda ancaq əlli, özünü öldürsə, altmış min nəfərlik bir ordunu yerləşdirmək mümkündür. Hələ bu öz yerində, üç yüz min nəfərlik ordu üçün ərzağınız hanı? Sadovski buna etiraz etdi: – Bina və yer məsələsində bir söz deyə bilmərəm, lakin ərzaq məsələsində cənab Araratyana etiraz edəcəyəm. Əcəba, qoşun gətirən onun ərzağını gətirməyəcəkdirmi? Yəni ingilislər elə ehtiyatsız adamlardır ki, Bakıda xalqın çörək tapmadığını, fındıq yediyini bilmirlər? Ağalar! Cənablar! Mən sizi əmin edirəm, ingilislər üç yüz min nəfərlik ordu gətirərsə, ona münasib ərzaq da gətirəcəklər. Ayollo danışdı: – İngilislər iki yüz mindən artıq qoşun gətirməz! Elçiyan: – Üç yüz mindən bir nəfər də əskik qoşun gətirməzlər! – deyə cavab verdi. Sadovski etiraz edərək: – Onlar başlı adamlardır. Vəziyyəti öyrənmədən üç yüz minlik ordunu gətirib Bakı çöllərinə tökməzlər. Əvvəlcə yüz, yüz əlli min qoşun gətirəcəklər, artıq qoşun lazım olsa Ənzəli ilə Bakının arası o qədər uzun bir yol deyil. Sağ daşnaq, sağ eser və menşevik nümayəndələri öz fikirlərini söylədilər. İngilisləri qarşılamaq üçün Mərkəzi Kaspi Diktaturası üzvləri arasında vəzifə bölküsü başlandı. Velonts, ordunun hərbi ləvazimatını yerləşdirmək üçün hazırlanmış binalara nəzarət etməyi öz öhdəsinə götürdü. Ayollo baş komandan, ərkani-hərb və zabitlərin mənzil edəcəyi yerləri, xüsusən ingilis siyasi nümayəndəsi—Tiq-Çonsonun xüsusi otağını düzəltmək vəzifəsinə təyin olundu. Məlik-Elçiyan, şəhərin müntəzəm saxlanması, qonaqların təntənə ilə qəbul edilməsi və sair rəsmi qaydalara diqqət vermək vəzifəsini boynuna götürdü. Sadovski «Metropol» otelində çalışacaq idi. Müşavirədə göstərilən təxmini rəqəmlərə görə, ingilis ordusunda altı-yeddi yüz nəfərə qədər zabit var idi. Sadovski bunlara ziyafət hazırlamalı idi. Sadovski bu mühüm vəzifəni lazımınca ifa etmək üçün vəzifə başına getdi. Sadovski Bakıda «ziyafət kralı» adlanan İvan İvaniçi və onun əlaltılarını kiçik bir salona toplayıb ingilis mədəniyyəti haqqında onlara qısa mühazirə oxudu və dedi: – Biz bu gün tarixin mühüm bir səhifəsini yazırıq: Bakı şəhəri bu gün London ilə birləşmiş olur. Bu gecə sizin xidmət edəcəyiniz adamlar Sadovski, Ayollo, Hamazasb, Avetisov, Dukaçiyev, Baqratuni və sair kimi şəxsiyyətlər deyil, buraya gələnlərin çoxu «Bukinham» sarayında, əlahəzrət İngiltərə kralının süfrəsində oturan simalar və intixab edilmiş zatlardır. Süfrədən qabaq tərtəmiz yuyunarsınız, hazırlaşarsınız. İngilis qonaqların yanında boğaz arıtmaq, burun çəkmək və öskürmək olmaz. Onlar bu barədə çox diqqətli, çox da tənqidçidirlər. Sizin bu gecəki hərəkətiniz, bizim mədəni olub-olmamağımızı sübut edəcəkdir. Üst-başınız, əlləriniz, müxtəsər ki, hər bir işiniz təmiz və səliqəli olmalıdır. Bunun üçün də, hökumət xəzinəsindən lazımi qədər pul buraxılmışdır. İndi bir az da sizə bu gecəki qonaqların mədəniyyəti və tarixi haqqında söyləməliyəm... Sadovski bunu deyərək, ingilis mədəniyyəti və İngiltərənin coğrafi mövqeyi haqqında «Metropol» meyxanası işçilərinə uzun-uzadı məlumat verdi. Sonra xidmətçilərin hamısını sıraya düzərək yeriş və baxışlarını nəzərdən keçirtdi. Bu yoxlama nəticəsində Sadovski bir neçə xidmətçini salona girməkdən məhrum etdi. Birisinin yerişi, digərinin baxışı və sair hərəkətləri yaramaz idi. Xidmətçi qadınlar, otaq təmizləyənlər, yorğan-döşək düzəldənlər içərisində yoxlama oldu. Sadovski otel müdirini kənara çəkərək qulağına pıçıldadı, müdir gülümsünərək: – Əlahəzrətin buyruğuna əməl ediləcəkdir, – dedi. Məruzə bitdikdən sonra Sadovski mətbəxə girib qonaqlar üçün hazırlanmış xörəklərin və meyvələrin keyfiyyətini yoxladı. Çəngəl-bıçağı, qaşıqları gözdən keçirtdi. Əl dəsmallarını qoxuladı, salonu, nömrələri, balkonu gəzib təmizliyə baxdı. İvan İvaniçi çağırıb dedi: – İndi bizim həll etməli mühüm bir məsələmiz qalmışdır. O da xörəklərin növündən ibarətdir. Mən necə cürə və nə şəkildə xörək hazırlanacağını bilmək istərdim. İvan İvaniç Bakıda ən məşhur mehmanxanaçı olduğundan Sadovskiyə Avropa xörəklərinin adını saydı, lakin Sadovski bunların heç birisi ilə razılaşmadı. İvan İvaniç və mətbəx xidmətçilərinin iştirakilə kiçik bir müşavirə çağırdı. Müşavirə İvan İvaniçin otağında idi. İvan İvaniç bir səslə iclasa sədr seçildi. İlk dəfə Sadovski söz aldı və dedi: – Ağalar! Siz elə bilməyin ki, bizim kimi hökumət adamları yalnız siyasi məsələlərlə maraqlanırlar. Bu fikir tamamilə yanlışdır. Hökumət adamları hər şey ilə maraqlanmalı və hər şeydən xəbərdar olmalıdırlar. Siyasətin özü də bir sənətdir. Mənçə, bu sənət çəkməçilikdən, at nallamaqdan, aşpazlıqdan və sairədən daha çətin bir sənətdir. Ağalar, hər sənət üçün bir təlimat və göstəriş vardır. Hər sənəti müəyyən bir ustadan öyrənmək mümkündür. Lakin siyasəti kimsədən öyrənmək olmaz. Məsələn, mən siyasəti öz-özümə öyrənib bu mərtəbəyə çatmışam. Siyasət gərək kişinin zatında olsun. Mən bu gecə ingilislərin Bakıya gəlməsini düşünürkən, həmin müşavirədə müzakirə edəcəyimiz məsələ yadıma düşdü. Öz-özümə dedim: «İngilis qonaqların nə yemək istədiyini haradan bilməliyik? Tutaq ki, onların nə cür xörək istədiyini bildik, elə xörəkləri necə hazırlayacağıq?» O saatda yerimdən qalxıb bu kitabı götürdüm.—Sadovski qoynundan bir kitab çıxartdı və sözünə davam etdi. — Budur! Bu kitab ingiliscədən ruscaya tərcümə edilmişdir. «Evdar xanımlara yardım» kitabıdır. Burada xörək bişirmək qaydaları yazılmışdır. Dediyim odur ki, diplomatlıq və siyasət aşpazlıqdan daha çətin bir sənətdir. Çünki aşpazın işini yüngülləşdirmək üçün belə kitablar mövcuddur. Lakin siyasət barədə heç bir təlimat yoxdur. Sadovski aşpazlar və aşpaz şəyirdlərin sürəkli alqışları ilə sözünü bitirdi. Sonra İvan İvaniç müşavirə məclisinə müraciətlə: – İclası bağlı elan edirəm!—dedi. Hamı çıxıb getdi. İvan İvaniç ilə Sadovski oturub kitabçanı oxuyur və lazımi xörəklər seçirdilər. Sadovski aşpazlara və aşpaz şəyirdlərinə məruzə oxuduğu vaxt, Bakı proletariatının həqiqi rəhbərləri də «İvan Kolesnikov» gəmisində toplanıb şəhərin müdafiə tədbirlərini düşünürdülər. Çəbhədən şəhərə yağan top güllələri binaları dağıtdığı, insanları məhv etdiyi və Petrovun cavab atəşi ilə köhnə qəbiristanlıq (türk çəbhəsi) alt-üst edildiyi bir zamanda, Sadovski də aşpazlara və aşpaz şəyirdlərinə məruzə oxuyurdu. Petrovun ərkani-hərbində bolşeviklər ciddiyyətlə xəritəyə baxdığı və türklərin hücum xətlərini atəşə tutduğu zaman, Sadovski də İvan İvaniçlə «Evdar xanımlara yardım» kitabından ingilislər üçün xörək seçirdilər. Sadovski «Metropol» otelində işini bitirib daha mühüm bir vəzifə dalınca yüyürdü. O, Leyla xanımı bəzəmək və ingilislərin istiqbalına aparmaq kimi «şərəfli» bir vəzifəni də öhdəsinə almışdı. Kralın yaveri və Dehli tacı-taxtının möhtəşəm varisi şahzadə Bahadır xanın nişanlısının qoluna girib ingilis ordusunun istiqbalına getmək «şərəfi» ancaq ikinci internasionalın Bakı nümayəndəsi Sadovskiyə qismət olmuşdu. Leyla xanım ingilis gənclərinə məxsus kərpici, güllü paltarını və qısa dabanlı sarı tüflisini geymişdi. Bu, Sadovskinin sevdiyi libas idi. Çünki birinci kərə Leyla xanım Sadovski ilə bu libasda tanış olmuşdu. Xanım geyinib qurtardı, salona çıxıb Sadovskinin əlini sıxdı və soruşdu: – Siz bu paltarı tanıyırmısınız?! – Bəli, tanıyıram, bu paltar sizin paltarınızın sırasında ən sevimli paltardır. – Bu paltar nə cəhətdən sevimli paltardır? – Mənçə, bu ancaq ingilislərə məxsus bir paltar olduğu üçün sevimlidir. Leyla xanım dodaqlarını büzdü: – Paltarın yaxşılığı yalnız ingilislərə məxsus olmasında deyildir. Bu paltar, gəncliyə yeniçə qədəm qoymuş qızlara məxsus bir paltardır. Bu keçid dövrünün paltarıdır. Zatən keçid dövründə hər şey şirin və sevimli olur. Tanışlığın sevgiyə keçən dövrü də həddən artıq xoş olur. Hətta mən bu günkü günü də sevirəm, çünki bu gün hökumət də bir partiyadan yeni bir partiyanın əlinə keçir. Mən bu libası mühüm və böyük bir bayram günündə geymişəm. Bu münasibətlə sizi salamlayıram. Leyla xanım bunu deyərək ağ əlçəkli əlini Sadovskiyə uzatdı, Sadovski də əyilərək xanımın əlindən öpdü. Leyla xanım Sadovskini telefon aparatının yanına göndərdi və dedi: – İndi əlahəzrətlərə xəbər verin! Onları qəbul edə bilərəm. Sadovski dəstəyi götürüb hökumət əzasını çağırdı: – Hər iş öz qaydasındadır. Xanımı qonaqların istiqbalına aparmaq üçün hazırlıq görülmüşdür. Leyla xanım aşağıdakı telefonoqramı sizə verməyi əmr etdi: «İndi əlahəzrətlərə xəbər verin, mən onları qəbul edə bilərəm!». Vaxta az qalır, biz gərək bir saatdan sonra körpüdə olaq. Sadovski telefon ilə danışandan bir saat sonra Mərkəzi Kaspi Diktaturası üzvləri hacı Zeynalabdin Tağıyevin evi qarşısında sıra ilə durub Leyla xanım və Sadovskini gözləyirdilər. Erməni milli soveti nümayəndələri hamıdan qabaqda gedirdi. İngilisləri Bakıya gətirmək üçün birinci qədəmi doktor Araratyan atmışdı. Türklərə təslim tərəfdarı olan və bu barədə çıxarılan qərarı iyulun 31-də Komissarlar Sovetinə elan edən Kulxandanyan və miralay Qazarov da, şəhərin işğalı təxirə düşdüyündən, «Yaşasın ingilislər!»—deyə bağırırdılar. Leyla xanım Esterə yaxınlaşaraq qolundan tutmaq istədikdə, Ester uzaqlaşdı və onunla birlikdə getməkdən imtina etdi. Leyla xanım Esterlə bir faytonda oturmağa çalışdısa da, Ester Elçiyan oturduğu faytona oturub yola düşdü. Esterin bu hərəkəti Leylanın nəşəsini pozdu və Esterdə bir sirr olduğuna şübhə oyatdı. Körpü ətrafı camaatla dolmuşdu. Şəhərin şiddətlə bombardman edilməsinə baxmayaraq ingilislərin gəlməsilə maraqlananlar tökülüb gəlmişdi. Tamaşaçılar arasında cürbəcür söhbətlər olurdu. Menşeviklərin küçə təşviqatçıları yenə işə başlamışdı. Arıq simalı qoca menşevik bir həyula kimi küçədə dayanaraq, yanındakılara söhbət açmışdı. O, uzun bir tarixi olan burunotulu dəsmalını köhnəlmiş və bozarmış vizitqasının arxa cibindən çıxartdı. Bir şüşəsi ağ, bir şüşəsi qara gözlüyünü sildi və gözünə taxdı. Burnundan uzağı görməyən menşevik, bu gün nədənsə çox uzaqlara, Narkin adasından da o tərəfə baxırdı. Qoca menşevikin yanında bir qadın, bir də işçi durmuşdu. O, qadına necə kərə söz atdısa da, qadın burunotu iyinə davam gətirməyərək burnunu tutdu və üzünü başqa tərəfə çevirdi. Nəhayət o, yanında duran işçini dümsüklədi. İşçi ona tərəf çevrilib soruşdu: – Nə demək istəyirsiniz? Dilinizlə deyə bilməzsiniz? – Bağışla, de görüm, sən o uzaqdakı qara nöqtələri görürsənmi? – Hansı nöqtələri sən görürsən? – Nə cəsarətlə məni «sən» çağırırsan? – Səndən öyrəndim. Sən çağırana «sən» deyə cavab vermək lazımdır. – Bolşeviklər sizi tərbiyəsiz öyrətdilər. Böyük-kiçik saymırsınız. – Çox yaxşı, buyurun görək, nə demək istəyirsiniz? – Mənim dediyim odur ki, siz haman uzaqda, Narkindən o tərəfə solda, şimala mail o qara nöqtələri görürsünüzmü? İşçi diqqətlə ətrafı gözdən keçirtdi və ən uzaqlara baxdı, lakin heç bir şey görə bilməyərək qoca menşevikin cavabını verdi: – Xeyr! Mən heç nə görmürəm. Orada heç bir şey yoxdur. Menşevik dedi: – Əlbəttə, sən görə bilməzsən. Sənin gözlərin peyserindədir. Üzün cənuba baxsa da, gözlərin şimala, Moskvaya baxır. Lakin daha gecdir. İndi gərək ağıllı adam nəzərini, həm də qəlbini dəyişsin. Bu sözlərdən sonra, işçi bir daha dənizə baxdı və: – Orada bir şey görə bilsəydim heç vaxt inkar etməzdim. Təəssüf olsun ki, oradan bir quş da uçmur. – Mən barmağımı hara tuturamsa, sən ora bax! İşçi qəti olaraq dedi: – Mən barmaqla göstərilən yerə baxan işçilərdən deyiləm. Mənim öz şüurum vardır. Sarsaq adamların sözünə də məna vermərəm. – Sən bir də bax! Narkinin arxasında, sol tərəfdə böyük paroxodlar irəliləməkdədir, o paroxodların hər biri bir dünyadır. Bir saatdan sonra onların içərisindən mübariz, mədəni və nəcib insanlar Bakı küçələrini dolduracaqdır. Sağ tərəfdə böyük bir qara nöqtə görünür. Oradan əjdahaya bənzər toplar, ildırım saçan pulemyotlar, yüzlərcə tanklar, zirehli avtomobillər sahilə çıxacaq və ingilis əzamətinin nümunəsini göstərəcəkdir. Haman dal tərəfdə görünən xırda nöqtələr get-gedə böyüməkdədir. Onlar paroxoddur, onların içində ikinci internasionalın sadiq oğullarına köməyə gələn on minlərcə nəcib ingilislər vardır. İşçi, bir daha dənizə nəzər saldı. Heç nə görmədiyi üçün menşevikin üzünə diqqətlə baxdı və menşevikdən soruşdu: – Siz burunotu çəkirsinizmi? – Bəli çəkirəm; bunun nə dəxli var? İşçi heç də vüqarını pozmayaraq dedi: – Bizim aramızda ixtilafa əsas səbəb sizin gözlüyünüzdür. Çünki siz onun şüşələrini burunotulu dəsmal ilə silmisiniz. Burunotu sizin gözlüyünüzü ləkələmişdir. Nə qədər ki, gözlüyünüz ləkəlidir, siz elə qaraltıları görəcəksiniz. Yalnız siz yox, ümumiyyətlə menşeviklərin gözlükləri ləkəlidir. Onlar dünyanı həqiqi halında görə bilmirlər. Onlar məfkurələrinə bu ləkəli gözlüyü taxmasaydılar bu gün özlərini gülünc vəziyyətə salmazdılar. Qoca menşevik gözlüyünü ətəyi ilə təmizləyib gözünə taxdı və Xəzər limanının hər tərəfinə diqqətlə tamaşa etdi. Əvvəlki qaraltıları görmədiyi üçün gözlüyü çıxarıb cibinə qoydu və sakit dayandı. Sadovski də cürbəcür fikirlər içərisində çapalayırdı. Onun xəyalında ingilislərin Bakıya gətirdiyi hərbi qüvvə gah kiçilir, gah da böyüyürdü. Onun fikri bir mərkəzdə dayana bilmirdi. Gah minlərcə ingilis süvarisinin Olkinski küçəsində rəsm-keçidə gəldiyini, gah alayların saatlarca menşevik rəhbərlərini salamladığını, raport verdiyini, əli qılınclı zabitlərin keçərkən Sadovskiyə gözucu baxdığını, tanklar dalınca yüzlərcə topların gurultu ilə süründüyünü görürdü. O, generalın başı üstündə dalğalanan Britaniya bayrağını görürkən şlyapasını çıxarıb təzim etdiyini xəyalına gətirəndə özü də hiss etmədən şlyapasını çıxarıb başını əydi, yanındakıların heyrətini görüb özünə gəldi və şlyapasını başına qoydu. Menşevik xülyapərvərləri Qafqaz-Merkuri körpüsünün hər tərəfini bürümüşdü. Boş xəyallar və arzular, Bakı proletarının xainlərə qarşı yağdırdığı lənətlər menşevik, eser və daşnaqların başında çəkilməz bir ağırlıq olmuşdu. Körpü üstündə duran rəhbərlərin heç biri o birisini hiss etmirdi. Çünki onların hər birisi ingilislərdən gözlədiyi vəzifəni və rütbəni öz beyninin əyri tərəzisində ölçür, düşünürdü. Leyla xanım da başqa cür düşünürdü. O, bolşeviklər əleyhinə işlədiyi və ifa etdiyi vəzifələrdən nə qədər sevinirsə, türklərin xatirinə ingilislər əleyhinə işlədiyindən də qorxuya düşmüşdü. Xüsusən o, Tiq-Çonsonun birinci növbədə Rayanı xəbər alacağını düşünür və Raya məsələsindəki müvəffəqiyyətsizliyini xatirinə gətirib titrəyirdi. O, bir dəqiqə də özünü təhlükəsiz hiss etmirdi. Rayanın onu ifşa etməsi və cəzalandırmasından qorxur və get-gedə həyəcanı artırdı. Körpüyə yalnız mümtaz ailələrin üzvləri buraxılırdı. Daşnaq, menşevik və eser ailələri və onlarla bərabər gələn kübarlar ingilis qonaqları tam səbirsizliklə gözləyirdilər. Körpünün üstü qiymətli xalçalarla döşənmiş və hər tərəfə güllər, çiçəklər səpilmişdi. Qadınların əldə tutduğu gül dəstələrinin ağ ipək lentası üzərinə zərlə «İngiltərə imperialistlərinə» yaltaqçasına təriflər yazılmışdı. İngilis imperialistlərinin əlində alət olan və bununla da minlərcə erməni əməkçilərinin məhvinə səbəb olan daşnaqlar burada da öz xain xətti-hərəkətində davam edərək ingilisləri «erməni millətinin hamisi» deyə tərif edirdilər. Tam bir əsrdən bəri İngiltərənin vədləri ilə erməni xalqını aldadaraq qırdıran daşnaqlar, bu gün erməni xalqını yeni fəlakətlərə sövq edir və İngiltərə siyasətinin quyruğunda gedirdilər. «Kursk» gəmisi körpüyə yanaşdı. Gəmidən ilk çıxan ingilis miralayı Stokks, ingilis siyasi nümayəndəsi Tiq-Çonson oldu. Hər ikisi hərbi nizam alaraq baş əydi və Leyla xanımın əllərindən öpdü. Miralay Stokks Bahadır xanın Leyla xanıma göndərdiyi məktubu təqdim etdikdə Leyla xanım da Rayanı həbs etdirdiyi zaman ona yazdığı məktubu Tiq-Çonsona verdi. Leyla xanım Esteri onlara təqdim edərək dedi: – Xanım Esterdir. Atası məşhur anqlofil və erməni milli sovetinin nüfuzlu üzvlərindən, daşnaq partiyası rəhbəri doktor Araratyanın qızıdır. İngilis miralayı və siyasi nümayəndəsi onun əlini sıxdı və doktor Araratyana yanaşaraq: – Xoş gördük, bizim əski dostumuz, – dedilər. Leyla xanım hökumət üzvlərini qonaqlara təqdim etdikdən sonra Sadovskini xüsusi bir şivə ilə tanıtdı: – Bu cənab əlahəzrət Sadovskidir. İkinci internasionalın Bakı nümayəndəsidir. Hökumət təbəddülatında birinci rol oynayan bu cənab, ingilislərin yardıma dəvət edilməsi işində də bolşeviklərlə birinci mübariz olmuşdur. Mən Zaqafqaziya xalqı üçün yeni həyat quran bu cənabı cənab miralaya təqdim etməklə özümü bəxtiyar hesab edirəm. Leyla xanımın bu sözlərində Sadovski özünü məğrur tutdu. Hətta o, ingilis miralayına necə əl uzatdığını və nə dediyini də bilmədi. Leyla xanım hökumət üzvlərini bir-bir təqdim edir, onlara yaraşmayan bəzəkli və nəşəli sözlər söyləyir, tərif edirdi. Hökumət üzvləri Tiq-Çonson, Leyla xanım və Ester yanlarındakı adamlarla körpüdən çıxaraq hazırlanmış mənzillərə getdilər. Ayollo getməmişdi. O, durub gözləyirdi. Onun fikrincə üç yüz minlik İngiltərə ordusunun qabaq dəstələrini gətirən gəmilər Limana girəndə liman yeni bir şəhər kimi görünəcəkdir. Lakin bu bir xəyal olaraq qaldı. Menşevik arzuları hər yerdə olduğu kimi burada da sabun köpüyü kimi uçub getdi. Limana «Kursk» gəmisindən başqa gələn olmadı. O, küçəyə çıxaraq tamaşaya gələn camaatın arasına girdi və gözlərini qapıya dikdi. Körpünün küçəyə doğru böyük qapıları açıldı. 1-ci növbədə Kent alayının bir bölük saldatı gözə çox görünmək üçün qapıdan eşiyə çıxıb iki-iki düzüldü. Sonra Stafford alayının 200 nəfərlik dəstəsi də çıxaraq iki-iki durdular. Daha sonra, kral səhra topxanasından gətirilən bir neçə yüngül topu küçəyə çıxartdılar. Onun dalınca yeddi kiçik yük maşını göründü. Bunlardan ikisinə yalnız patron və başqa hərbi ləvazimat yüklənmişdi. Sonra «pulemyotçu meymunları» qucağında tutan dörd nəfər ingilis saldatı çıxdı. Saldatlar Ayollonun yanından keçərkən meymunlardan biri Ayollonun üzünə baxaraq ucadan mırıldadı və dişini ağartdı. Saldatlar isə bu vəziyyətə gülüb keçdilər. Sonra bir neçə yaşlı at və otuza qədər İraq qatırı küçəyə buraxıldı. Ayollo hələ düşünürdü. O qəlbində: «Hələ bu deyil, dalısı var» deyə ümid bəsləyirdi. Ayollonun xəyalında bütün Abşeron yarımadasını dolduran yüz minlərcə «nicat ordusu» hazırda Qafqaz-Merkuri körpüsünün kiçik meydançasını da doldura bilmirdi. Şiddətli şimal küləyi əsirdi. Küləklər Ayollonun saçlarını pozduğu kimi ordunun azlığı da onun ürəyindəki ümidləri darmadağın edirdi. O, xəcalətindənmi, acığındanmı tərləmişdi. Şimal ruzigarı Stafford batalyonu ilə gələn şotlandiyalı saldatların ətəyini nicat üçün gələn mələklərin qanadları kimi oynatdığı zaman, Ayollo yerində quruyub qalmışdı. Ayollo indi daha başqa cürə düşünür və qulaqlarında da başqa səs eşidirdi. O özünü Bakı Sovetinin 26 iyul tarixli iclasında hiss edirdi. Sanki Şaumyan xitabət kürsüsündən üzünü ona tutaraq deyirdi: «Sovet hökuməti bizə çoxlu ləvazimat göndərir. Bu gün Astraxandan beş barj ləvazimat gələcəkdir. Göndərilən ləvazimat 80 top, 160 pulemyot, 10000 tüfəng, 2000000 patron, bir çox paltar və sair şeylərdən ibarətdir». Ayollo özünə gəldi. Bu səsin bir xatirə olduğunu anlayıb dedi: – Eybi yoxdur, nə olur-olsun, təki bolşeviklər olmasın! Bizə də bu lazım idi. Bir saat bundan əvvəl, yüzlərlə kəmilərdən Bakıya yüz minlərcə nəcib ingilis tökən gözlüklü qoca menşevik durub düşünürdü, sanki onun da qulağında bir səs çinkildəyərək deyirdi: «Dörd yüz qoşun, yeddi yük maşını, üç-dörd samovar trubası, üç dənə də kiçik Hindistan meymunu». Bu səs, menşeviklərin küçə təşviqatçısı ilə mübahisəyə girişən işçinin səsi idi. Bu vaxt türklər çəbhəsindən gələn top mərmiləri şəhərin müxtəlif yerlərinə düşür, Petrovun topları isə düşmənin hücum xətlərini atəşə tuturdu. * * * XXI. Esterin romanı Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı. Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi: – Al bu pulu, – dedi, – İrana gedən paroxodlarda neçəyə olur-olsun iki nəfər üçün bilet al, yerin yaxşı-pisliyinə fikir vermə. Bu gecə mütləq yola düşməliyik! Xidmətçi pulları alıb sağ cibinə qoydu, sol cibindən iki qapalı məktub çıxarıb Araratyana verdi. Məktubların biri Esterin nişanlısı və eyni zamanda erməni batalyonunun komandanı Hamazasbdan, digəri isə Esterin sevgisi uğrunda Hamazasbla mübarizə aparan, daşnaq partiyası üzvü və çəbhə komandanı Avetisovdan idi. Araratyan, böyük mərtəbəyə çatmaq üçün istifadə etdiyi bu iki daşnaq «qəhrəmanının» məktublarını əvvəlcə açmaq belə istəmədi. Çünki məktubların tamamilə yeknəsəq və marağsız olduğunu bilirdi. Lakin daşnaq partiyasının nüfuzu gələcəkdə ona lazım olacaq idi. Əvvəlcə Hamazasbın məktubunu açdı. Başdan axıra qədər göz gəzdirdikdən sonra açıqlandı və özündən çıxdı. Hamazasb öz məktubunda bir kəlmə belə «Möhtərəm doktor!», «Mənim atam əvəzi doktor!», «Millətimizin fəxri doktor» kimi nəzakətli sözlər yazmamışdı. Məktubun əvvəli, sadəcə «doktor!» sözü ilə başlayırdı. Məktubda deyilirdi: «Doktor! Mən mərd və igid oğlanam! Məni bütün erməni və müsəlman xalqı tanıyır. Mən daşnaq partiyasını əvvəldən də tanımaq istəməzdim, çünki o partiyanın məqsədini yaxşı bilirdim. Mən heç vaxt müsəlmanlarla üz-göz olmaq istəmirdim. Mən müsəlman ailəsində böyümüşdüm, mənim böyüyüb adam içinə çıxmağıma da müsəlmanlar səbəb olmuşdur. Müsəlman qadınlarından mənə oğul deyən, qabağıma süfrə açan, üstümə yorğan salıb rahat edən, xəstəliyimdə başımın üstünü kəsib ana-bacı məhəbbəti göstərən qadınlar çox idi. Qarabağda mən müsəlman kəndlərinə gedəndə, kəndin cavanları «Hamazasb gəlir» deyə qabağıma qurban çıxarardılar; azərbaycanlıların yasında ağlar, toyunda oynardım, mən Azərbaycan qızlarına kəbin kəsildiyi vaxt dəfələrlə oğlan və qız vəkili olmuşam. Mənim keçmişdə erməni xalqı arasındakı hörmətim də sənə məlumdur. Mən heç vaxt ikiüzlülük etməzdim. İkiüzlü adamları da sevməzdim. Mən namuslu və dinc adamlarla oturub dururdum. Mən səninlə tanış olmazdan qabaq öz sənətimlə yaşar və əlimin əməyi ilə dolanardım. Evimə yüzlərcə qonaq gələrdi. Lakin mən səninlə tanış olduqdan və daşnaq partiyasına daxil olduqdan sonra hər şeyi itirdim. Mən sənin üçün öz əlimi qana batırdım. Daşnaqlara qoşulub hər iki millətin dostluq və rahatlığını pozmağa çalışdım. Çünki bunu, sən tapşırmışdın. Nəhayət, mən ana-bacı hörməti gördüyüm Azərbaycan qadınlarının evini qarət etdim. Qarşıma süfrə açan qızları bir parça çörəyə möhtac qoydum, xəstəliyimdə başım üstündə oturanların başını kəsdim, qarşıma qurban çıxaran kəndlilərin sürüsünü taladım, oğullarını kəsdim və kəndlərini yandırdım. Namuslu və dinc ermənilərin də rahatlığını pozdum, daşnaqlara qoşularaq milli müharibələrə yol açdım. İki millətin bir-birinə silah qaldırmasına, bir-birini məhv etməsinə səbəb oldum. Nəticədə hər iki millətin nifrətini qazandım. Mən yaxşı bilirəm ki, erməni işçi-kəndliləri nə məni, nə də mən arxalandığım daşnaq partiyasını sevmir, mənim heç bir şeyim qalmamışdır, ancaq sənin qızına bəslədiyim bir məhəbbətim var idi, lakin bundan da məhrum oldum, çünki sənin ikiüzlü siyasətin məni o məhəbbətdən məhrum etdi. Axırda sənin evindən də ayağımı çəkdim. Erməni milli soveti təşkil olunanda, mən sənin namizədliyini öz mauzerim gücünə keçirtdim. O vaxt sən məni «oğlum» deyə gündə yüz dəfə əzizləyirdin. Sən hər yerdə: «Mənim iki övladım vardır, birisi Ester, digəri də Hamazasbdır» – deyirdin və onunla iftixar edirdin. Qızın da məni sevirdi. Hətta o, mənimlə qol-qola gəzəndə fəxr edirdin. Çünki qolumun dönməz bir qol olduğunu bilirdin. İngilislərlə müzakirə aparmaq üçün adam göndərmək lazım olanda yenə də sənin namizədliyini mən qoydum və keçirtdim. Sənin kimi adi bir doktorun Britaniya missiyası ilə tanış olmasına mən səbəb oldum. Mən indi bildim ki, sən öz yüksəlməyin üçün qızını əlində alət etmişsən. Sən oğulluğa qəbul etmək və qız böyüdükdən sonra xeyir işi bitirmək vədəsi ilə məndən istifadə etdin. İndi də onu Avetisova verir, ondan istifadə edirsən. Əcəba, mənim xidmətlərimə mükafat verilmiş qızı, indi hansı xidmətlər üçün Avetisova mükafat verirsən?! Lakin onu bilməlisən ki, Avetisov çəbhə komandanı olmaqla yüksək rütbə tutmasına baxmayaraq məndən və Qazarovdan asılıdır. Bizim nüfuzumuz olmasa, başıpozuq daşnaq saldatları onun qapışını boğazına keçirərlər. Çox gözəl bilirəm ki, sənin qızın namuslu bir qızdır. O, satılmağa heç bir zaman razı olmaz. Sən onu məcbur etməsəydin o, heç vaxt Avetisov kimi namussuz adamların qoluna girməzdi. Mən bilirdim ki, sənin qızın məni sevməsə də mənə hörmət bəsləyir. İndi isə o mənə əlini uzatmır və məni görərkən üzünü kənara çevirir. Görək bundan sonra qızı kimə satacaqsan. Çünki indi nə məndən, nə də Avetisovdan istifadə edə biləcəksən. Hamazasb Bakı, 4 avqust». Araratyan bu məktubu oxuduğu zaman Ester də sakit durub baxırdı. O, məktubun məzmununu, yenə də atasının mimikasından, alnındakı cizgilərdən, boyun damarlarının şişməsindən anlayırdı. Araratyan dilləndi: – Yaxam bir cüt namussuzun əlində qalmadımı?! – Bunu deyib məktubu cibinə qoydu, sonra Avetisovun məktubunu açdı. «Möhtərəm doktor! Bolşeviklər milli partiya üçün böyük bir təhlükə idi. Şükür ki, biz başqalarına güzəştə getdiksə də, bolşevizmin Zaqafqaziya siyasət səhnəsindən silinməsinə nail olduq. Buna görə də qırx ildən bəri yaşayan bu partiyanın daha bir çox illər davamına ümid edə bilərsiniz. Bunları nəzərə alaraq siz, mənim daşnaqsütyun partiyası üçün nə qədər xeyirli olduğumu təyin etməlisiniz. Siz heç bir zaman Hamazasb kimiləri mənə tərcih verməməlisiniz, çünki onun üzü qaradır. Daşnaq partiyasının üzvü olmağına baxmayaraq onun daşnaqlar içərisində etibar və nüfuzu yoxdur. Siz onun mauzerindən qorxmayın və qızınızı bədbəxt etməyin! Siz ki, məni 1906-cı ildən tanıyırsınız. O zaman ki, siz Qarabağda məğlub olmuşdunuz, onda ki, siz öz aciz və dəyərsiz siyasətiniz nəticəsində bütün daşnaqların nifrətini qazanmamışdınız, mənə müraciətlə yardım istəmədinizmi? O zaman Hamazasb sizə nə yardım etdi?! Heç! Yenə də heç! Çünki əlindən bir iş gəlməzdi. O ancaq tək-tək adam öldürməyi bacarardı. Mən sizi diriltmək, nüfuzunu qaldırmaqdan ötrü general Qoloşşapovu yenidən Qarabağa gətirmək üçün şəxsən Tiflisə getdim. Vorontsov-Daşkovun xanımı ilə görüşdüm, Tiflisdə müsəlman vəkillərinin gözünə torpaq atıb Qoloşşapovun Qarabağa təyin edilməsi üçün onlardan razılıq kağızı aldım. Siz özünüz bilmirsinizmi ki, cənab Vorontsov-Daşkovun müavini general Malamanın istintaq üçün Qarabağa gəlməsinə mən səbəb oldum?! Siz bilmirsiniz ki, general qubernator Alftanın və miralay müavini Vevronun, qəza naçalniki Frelixin Qarabağdan götürülməsinə mən səbəb oldum? Bunların hamısını sizin nüfuzunuzu qaldırmaq, sizi partiya rəhbərliyində saxlamaq üçün etmişəm. Mənim bu xidmətlərimi nəzərə alaraq bir kərə «razıyam» deməyinizi rica edirəm. O zaman həm mən, həm də sizin anasız qızınız xoşbəxt olar. Cavab gözləyirəm. Avetisov 4 avqust, 1918-ci il». Araratyan bu məktubu da oxuduqdan sonra Esterin saçlarını sığallayaraq soruşdu: – Sən bu iki həyasızın hansını sevirsən?! – Mən onların heç birini görmək istəmirəm. – Mən də bunu sənə əmr edirəm. Onlarla daha görüşməyəcəksən. İndi onların heç bir nüfuzu yoxdur. Biz onlardan gözlədiyimiz xeyri ingilislərdən də görə bilərik. Onların əhəmiyyəti ingilislər Bakıya gələnə qədər idi. Bu günün özündə mən istəsəm, onların hər ikisini Bakıdan sürgün etdirərəm. Bolşevikləri Bakıdan təmizləməyə qadir olan daşnaq partiyası iki nəfər eqoistin öhdəsindən də gələ bilər. Namussuzlar! Alçaqlar! Şəhər türk topları ilə dağıldığı və qəddar düşmənimiz şəhərə girməyə tələsdiyi bir zamanda, bu alçaqlar da evlənmək, sevgi xəyalındadırlar. Araratyan evi bir qədər dolaşdıqdan sonra Estərə müraciətlə: – Hazır ol, İrana gedəcəyik, – dedi. Ester cavab verdi: – Mənim İranda nə işim var? Araratyan əlini onun çiyninə qoyaraq dedi: – Səni burada tək qoya bilmərəm. Mən o alçaqların tərəfindən əmin deyiləm. İkinci bir qorxu da türklərin Bakıya girməsi ehtimalıdır. Özün bilirsən ki, onlar Bakıya girdikdə ən əvvəl daşnaq rəhbərlərini tapacaqlar. Sən təksən, burada heç kəsin yoxdur. Mən də İrana getməyə məcburam. Gedib onlarla danışmaq və Bakını müdafiə üçün lazımi qüvvə tələb etmək lazımdır. Biləks, bolşeviklərin dedikləri doğru çıxacaq, yenə də onların nüfuzu işçi və kəndlilər arasında artmağa başlayacaqdır. Üçüncüsü də həyat get-gedə dəyişir, Bakı mədəni bir dövrə keçməkdədir. Sən gərək hamıdan əvvəl mədəni ingilislərlə tanış olasan. Qapı vuruldu. Ester qapıya getdi, qayıdıb hökumət üzvlərinin gəldiyini xəbər verdi. Araratyan özünü itirdi. Nə edəcəyini bilmədi. Çünki onların yenə də tənqid və danlaq üçün gəldiklərini bilirdi. Elçiyan bolşevik həbsxanasından azad olunmuş İvanov, Ayollo, Sadovski, Nəccarov, Velonts və sairələr içəri daxil oldular. Sadovski dərhal Araratyana hücum edərək: – Bu nə işdir?! – dedi. – Hanı sən dediyin ordu? İndi biz xalqa nə cavab verəcəyik?! Sadovski hələ sözünü bitirmədən Ayollo əllərini belinə vurub soruşdu: – Sən özün dünya görmüş və təcrübəli bir adam ola-ola iki dəfə İrana getdin və bunlarda nə qədər qüvvə olduğunu bilmədinmi? Bunları tanımadınmı? Beş-altı avtomobil, bir ovuc saldat, bu nə deməkdir?! Hər kəs nə danışırsa, Araratyan da gözünü onun ağzına dikib, kirpik çalmadan baxırdı. Danlaq və tənqid bir saatdan artıq davam etdi. Nəhayət, Araratyan fürsət əldə edərək dedi: – Onlar az olsalar da, nüfuzları çoxdur. Böyük Britaniya imperatorluğuna qarşı bu qədər ümidsizlik və etinasızlıq yaramaz. Sizin bu danışıqlarınız ingilislərin qulağına çatsa onlar sizin hökumətinizi təsdiq etməzlər. Bir də türklər ingilislərin Bakıda olduğunu bilsələr, hücumu dayandırarlar. Qoşunları az olsa da, ingilisin adı böyükdür! Gördünüz ki, ingilislər Bakı limanından sahilə çıxan kimi türklərin bombardmanı yavaşıdı? Bunu inkar edə bilərsinizmi? Onların az qoşun gətirməsindən mən özüm də razı deyiləm. Mən bu barədə fikrinizə şərikəm, çünki mən ingilislərlə belə danışmışdım. Buna görə də mən onlarla görüşməli və məsələni aydın etməliyəm... Araratyan söhbətini bitirməmiş, xidmətçi daxil olub onun qarşısına iki gəmi bileti qoydu. – Bilet tapmaq çətindir. Güc ilə almışam, ancaq biletlərin yeri müəyyən deyil. Hər kəs vaxt ikən gedib, özünə yer tutmalıdır. Xidmətçi bu sözləri deyərkən, hökumət üzvləri və daşnaq rəhbərlərinin hamısı boğazını uzatmış və gözlərini biletlərə dikmişdilər. Ayollo gözünü qıyaraq: – Qaçıb yaxanı qurtarmaq istəyirsənsə, bunu bizə də deməlisən. Bəlkə də bizim bilmədiyimiz bir qorxu var. Gizlətməyin nə mənası var? Öz əməkdaşlarınızla açıq danışa bilməzsinizmi? Elçiyanın gözlərindən şübhə yağırdı. O, gəlib Araratyanın qarşısında durdu və dedi: – Siz ingilislərin şəhəri müdafiə edə bilməyəcəyini və türklərin yaxında şəhərə girəcəyini bilirsiniz və ona görə də qaçıb yaxanızı qurtarmaq istəyirsinizsə bu barədə birlikdə danışa bilmərikmi? Çox gözəl, birlikdə oturub başımızın çarəsini düşünmək olmazmı? Sadovski dedi: – Mən qəti surətdə bu sözlərə etiraz edirəm? Bizim buradan qaçmağımızla şəhərə küy düşər. Bizə nə olmuşdur? Allaha şükür, türklərin hücumu dayanır; bu hücumu dayandırmağı biz bacarmasaq da, bəxtimizdən başqa bir qüvvə türkləri Bakı çəbhəsindən qaytardı. İngilislər də gəlmişlər, görək axırımız necə olacaq. Məhv olsaq da, bolşeviklərlə hesablaşmalıyıq. Hələ onlar Bakıdadır. İngilislərlə danışmalıyıq; onları həbs etmək lazımsa həbs etməli, sürgün etməlisə sürgün etməli, yaxud bizimlə və ingilislərlə əməkdaşlığa razıdırlarsa buyurub qalsınlar. Ayollo dedi: – Onları Bakıda həbs etmək olmaz; Petrovun dəstəsi imkan verməz. O ki qaldı cənab doktorun İrana getmək məsələsinə, doğrudan da ingilis generalı ilə danışmaq üçün gedirsə, onu təbrik etmək lazımdır. Lakin mən buna inana bilmirəm. Araratyan dilləndi: – Məsləkimə and olsun ki, yalnız Bakını müdafiə işi və Mərkəzi Kaspi Diktaturasını möhkəmlətmək üçün İrana gedirəm. Razılıq oldu. Araratyana lazımi tapşırıqlar verildi. Araratyan hazırlığa başladığı və hökumət üzvləri ilə vidalaşdığı zaman, Ester də hazırlaşmaq üçün öz otağına çəkildi. Bakı Komitəsi nümayəndələri ilə birlikdə çağırılmış iclasda, gələcək xətti-hərəkətin təyini, Mərkəzi Kaspi Diktaturası və ingilis işğalçılarının əlində olan Bakıda necə işləmək və Rusiya ilə əlaqə saxlamaq məsələsi yenicə həll edilmişdi. Vahan, Heydər, Raya və Əminə, birlikdə iclasdan evə qayıdarkən Esterdən Vahana təcili məktub gətirdilər. Vahan evə çatdıqdan sonra məktubu oxudu. «Əziz dostum və uşaqlıq yoldaşım Vahan! Bu məktubu çox tələsik yazdım. Bu saatda biz İrana gedirik. Atamın vəziyyəti çox ağırdır. İngilislər Bakıya az qüvvə gətirdiyi üçün Mərkəzi Kaspi Diktaturası üzvləri atamı çox sıxışdırdılar. Bu barədə ingilislərlə danışmaq üçün atam Ənzəliyə gedir. Məni də özü ilə aparır, burada qoymaq istəmir. Vahan, bu gün atam, Hamazasbdan və Avetisovdan məktub almışdı. Oxuyub açıqlandı, ancaq nə yazdıqlarını bilmədim. O, mənə tapşırdı ki, «bir də Hamazasb və Avetisovla danışma». Mən onun məqsədini bilirəm. İndi məni ingilis zabitləri ilə tanış etmək istəyir. Lakin o, buna nail ola bilməyəcəkdir. Vahan, bir saat bundan əvvəl Mərkəzi Kaspi Diktaturası üzvləri və daşnaqsütyun partiyası nümayəndələri atamla görüşə gəlmişdilər. Söhbətlərindən belə görünür ki, onlar ingilislərlə müşavirə edəndən sonra Bakı bolşeviklərinin məsələsini həll edəcəklər. Onların həbs və sürgün edilməsi haqqında söhbəti özüm eşitdim. Vahan, sən lazımi yerinə xəbər ver! Ayıq olsunlar! Onların üstündə gözətçi qoymuşlar, onları izləyirlər. Vahan, məndən nigaran qalma! Özün bilirsən ki, mən ağılsız qız deyiləm. Mənim dilimdən Raya bacıma salam yetir. Onu görmək üçün ürəyim nanə yarpağı kimi əsir. Bir gecə olmur ki, mən onu yuxuda görməyim, ona xəbər ver ki, Leyla onun məktubunu Tiq-Çonsona verdi, o çox məyus oldu. Leylanın hökmü yeriyir. Nə bilirsə edir. Bir əli türklərin, bir əli də ingilislərin ətəyindədir. Raya bacı icazə versəydi, mən Leylanın məsələsini açıb həm daşnaqlara, həm də ingilislərə xəbər verərdim. Hələlik salamat qal! Bir həftədən sonra yenə qayıdacağam! Ester. Bakı, 4 avqust, 1918-ci il». Vahan məktubu oxuyub qurtardığı vaxt, gecə saat on bir idi. Vahan məktubu Rayaya verdi: – Oxu, gör nə yazır, mən şəhərə getməliyəm. Onu görmək lazımdır. O ayağa qalxdı. Raya onu dayandıraraq: – Vahan, zənnimcə belə bir zamanda şəhərə getmək qorxuludur, – dedi, – bilirsən ki, Bakı qarışıqlıqdır. Heydər də ayağa qalxdı və dedi: – Bilirəm ki, Vahanı yolundan qaytarmaq mümkün olmayacaqdır. Mən də gedirəm. Keçəni şəhərdə, anamın yanında qalarıq. Səhər mədənə qayıdarıq. Qorxmayın, heç şey olmaz! Onlar şəhərə gəlmək üçün Balaxanı–Sabunçu dəmiryol stansiyasına yollandılar. Onlar sahildə, körpü qarşısında dayanarkən gecə saat birin yarısı idi. Onlar kassa qabağında bilet üçün dalaşanları, faytona oturanları, şeylərini götürüb körpüyə gələnləri, çamadanlarının yanında dayanıb qarovul çəkənləri, o tərəf-bu tərəfə qaçanları nə qədər gözdən keçirtdilərsə və aradılarsa nə Araratyanı, nə də Esteri görmədilər. Axırda qət etdilər: – Hər yerdə olsalar, gəlib qapıdan içəri girməyə məcburdurlar, – deyib qapı ağzında dayandılar. ...Qəbiristan tərəfdən başlanmış hücum yenicə dayanmışdı. Bolşeviklərə xain çıxanlardan çoxu, hücumun dayanmasına və ingilislərin gəlməsinə baxmayaraq, yenə də çamadanını və qiymətli şeylərini götürüb gəmiyə oturmaqda idilər. Gəmi bileti əllərdə çox baha qiymətə satılırdı. Gəminin qaranlıq və havasız anbarında getmək üçün erməni burjuyları hər biletə beş yüz manat qızıl pul təklif edirdilər. Lakin yenə də bilet tapmaq mümkün deyildi. Cibkirlər, çamadan qaçıranlar böyük «fəaliyyət» göstərirdi: «Xozeyin, şeylərini götürüm?» deyə özünü hambal kimi göstərən oğrular yüzlərcə qaçqınların şeyini, çamadanını götürüb qaçırdılar. Şey itirənlərin, bilet axtaranların, yoldaşının dalınca yüyürənlərin qışqırığından qulaq tutulurdu. Körpüdə minlərcə insanlar biri-digərini sıxışdırıb irəli keçməyə can atırdı. Körpü üstü, məğlub olmuş bir ordunun qərargahı şəklini almışdı, hər kəs qaçır, qışqırır, adamlar bir-birini yıxıb ötürdü. Qadınlar, qızlar, uşaqların qışqırığı qoyun-quzu sürüsünü xatırladırdı. Gecə tünd qaranlıqdı. Göydə heç nə görünmürdü. Ayın üzü də aypara nişanlı sultan bayrağı kölgəsində gələn, süngüsünü Bakı proletariatının köksünə taxmaq istəyən və nəticədə yüzlərcə türk kəndlisini qurban verib çəkilən Mürsəl və Nuri paşanın vicdanı kimi qaralmışdı. Şiddətli külək əsirdi, şimal-qərbdən şəhərə hücum edən küləklər, Bakı təpələrində partlayan top güllələrinin tüstüsünü şəhərə gətirirdi. Bu tüstülərə, top güllələri altında havaya uçan və məzarlardan sovrulan əski sümüklərin qəliz dumanları da qarışmışdı. Türk ordusunun başçıları, Bakı qəbiristanındakı sümüklərin yerində, Türkiyə kəndlisinin meyitlərini basdırır və ölənlərin silahını, ciblərini soyub ötürdülər. Vahan körpü qarşısında erməni burjuylarının çaxnaşmasını görəndə özü-özünə: «Məlunlar! – dedi. – Siz həmişə beləsiniz! Siz daima öz mənfəətiniz üçün kütlələrdən istifadə edir və yaman gündə isə düşmən qabağında qoyub qaçarsınız; varlısınız, quduz canavarsınız. Eyni zamanda dovşandan da qorxaqsınız. Siz yüz minlərcə insanların edamına soyuqqanlılıqla baxır, öz ayağınıza tikan batmağa razı olmursunuz». Ester və Araratyan faytondan düşdü, atası Estərə müraciətlə dedi: – Sən otur şeyləri gözlə, mən tanış xidmətçilərdən tapım. Yoxsa bir gəmidə yerləşə bilmərik. Qapıdan içəri girmək də mümkün deyildi. Ester səkidə qoyulmuş şeylərin qarovulunu çəkir və düşünürdü. Ətraf qaranlıq idi. Nə Ester Vahanı, nə də Vahan Esteri görürdü. Ester qaçanları, onların hansı sinfə, hansı təbəqəyə mənsub olduqlarını yoxlayırdı. Nəhayət, onun özü də ixtiyarsız dedi: – Qaçanların hamısı varlılar və atam kimi qatillərdir. Hazırkı qanlı hadisələrdə bunların hamısı iştirak etmişlər. Atamın həmməsləkləri yoxsulların fəlakətinə çalışanlardır. Bunlar yalnız bolşeviklərin deyil, bütün Bakının məhvinə səy edənlərdir. Bunlar Vahan deyənlərdir, bunlar əziz dostumun canavar adlandırdığı varlılardır. Bunlar erməni xalqını «çar siyasətinə qurban edən daşnaq rəhbərləridir». Qaranlıq olsa da Ester xəyalən ətrafı gəzir və Vahanı arayırdı. Onun qulağına belə bir səs gəldi: – Ester salamat get, yaxşı yol, uğurlar olsun! Ester bu səsin xaricdən yox, öz qəlbinin dərinliyindən gəldiyini hiss edərək diksindi. Dərhal keçmişi xatırladı. Uşaqlığın azad və məsud günləri bir anda gəlib Esterin nəzərindən keçdi. Bütün uşaqlıqda gördüyü təbiət, orman kölgəlikləri, çayların, quşların, ruzigarın səsi, gəzinti saatları Esterin nəzərində canlandı. O, Vahanın səsini xatırladı. O, bu səsi ilk dəfə 6-cı ildə Qarabağın sehirkar təbiətində yaşadığı və Qar-qar çayının sahilində ayaqlarını suya salıb oturduğu zaman eşitmişdi. Ester bir an üçün Qarabağda keçirdiyi uşaqlıq günlərinə qayıtdı. O günləri xatırladı: 1905-ci il iyul ayının 3-də doktor Araratyan öz ailəsilə görüşmək üçün Bakıdan Qarabağa yola düşmüşdü. O, Bakıdan çıxmazdan əvvəl öz qadını Sofiya xanımın adına belə bir teleqram göndərmişdi. «1905-ci il, 3 iyun. Qarabağ. Yeddisində yola düşürəm. Sizi yaylağa köçürmək üçün gəlirəm. Araratyan. Doktor Araratyan Qarabağa gələndən iki gün sonra, evdə böyük hazırlıq var idi, bu gün general qubernator Baranovski Bakıdan gəlmiş daşnaqsütyun partiyası başçılarından cənab Araratyan ilə və eyni zamanda Qarabağın erməni nücəbası ilə tanış olacaq idi. Cənab qubernator doktor Araratyanla tanış olduqdan sonra doktor qonaqları da bir-bir qubernatora təqdim etdi. Qonaqlar, Maşuriyans, Atabəyov, Doluxanov, Hamazasb, Çartazar, Aşot, «Çikaduz» sakini Bəylərbəy, «Mavas»lı Sançanbəy, zəngəzurlu cənab Sako, Sokrat və sairələri idi. Bir az sonra başqa qonaqlar Aslan bəy və Məlik-Şahnəzarov da gəldi. Hələ süfrəyə oturmamışdılar. Çünki cənab İşxanov və Ağabəy, pristav Davidov və sairləri hələ gəlməmişdi. Axşam saat beşdə, siyahı üzrə dəvət edilənlərin hamısı süfrə başına toplanmışdı. Süfrə başında çox az danışdılar. Buna baxmayaraq Qarabağ, Qaryakin və Cəbrayıl uyezdində baş verən hadisələrdən anlaşıldı ki, doktor Araratyan qubernator Baranovskinin tələblərini yerinə yetirmişdir. Ziyafətdən iki gün keçmişdi. Doktor Araratyanın ailəsi (10 yaşlı qızı Ester və qadını), ev xidmətçisi Varsenik xalanın müşayiətilə Şuşadan çıxıb Qar-qar çayı kənarındakı erməni kəndlərinə göndərildi. Həmin bu gündə qubernator Baranovski müsəlman nücəba və ağsaqqallarını yanına dəvət edərək, erməni-müsəlman ixtilafı haqqında şayiələrə dair məsələləri müzakirə etmək istəyirdi. Molla Əbdürrəhim Qasımzadə, Tapdıq Talıbxanov, Həsənəli bəy Əskərxanov və sairələri cənab qubernator ilə görüşüb getdikdən sonra Ağ-oğlan monastrında dəvət edilmiş (13 avqust tarixli) birləşmiş iclasda iştirak etməli idilər. İclas, Beşinci il inqilabına hüsni-rəğbət bəsləyən və erməni xalqının azadlığını istəyən erməni inqilabçıları tərəfindən dəvət edilmişdi. İclas monastrın həyətində idi. Yuxarı başda stol ətrafında bir necə stul qoyulmuşdu. İclasda iştirak edənlər Divanəli, Veysəlli kəndliləri və sairələri idi. Bir necə dəqiqə sonra, üç nəfər naməlum adam iclasa gələrək erməni-müsəlman kəndliləri ilə salamlaşdı. Bir az sonra Baxşı adlı bir erməni ayağa qalxıb dedi: – Camaat! Sizin mahalınıza üç nəfər möhtərəm zat gəlmişdir. Onların məqsədi erməni və müsəlman kəndlilərilə danışmaqdır. Həmin məsələ üçün söz verilir təzə gələnlərə. Təzə gələn qonaqlardan biri ayağa qalxıb dedi: – Camaat, biz erməni-müsəlman xalqında bir adət var ki, hər söz başı bir məsəl gətirərik. Siz bilirsiniz ki, bütün Qafqaz xalqları, çar hökumətinin boyunduruğu altında əzilir və məhv olurdu. Hökumət hər zaman əlindən və dilindən gələni bizdən əsirgəmirdi. Bizim bütün ixtiyarımızı əlimizdən almışdı, bizi dözülməz işgəncələr altında saxlamışdı. Siz bilirsiniz ki, çar hökuməti böyük bir fildir. Bütün xalqlar, əməkçilər bu filin ayağı altında əzilir. İndi isə xalq ayılır, öz düşmənini tanıyır. Daxili inqilabi hərəkat bu filə zərbələr vurur. Yaponiya «milçəkləri» də bu filin canına daraşıb. Nəhayət can çəkişən fil, dərin bir arxa yıxılmaq üzrədir. İndi, gəlin qardaşvarı köməkləşərək, haman filin xortumunu qıraq və onu məhv edək! Ancaq bununla əsrlər boyu əsir yaşayan xalqlar səadətə çata biləcəkdir. Haydı, birliyə doğru, qardaşlar!.. Sonra ikinci natiq söz aldı. O, sadə danışdı. – Camaat! Biz çoxdan bəri Qafqazda bir qazan qaynatmaq və xalq üçün bir xörək bişirmək istəyirdik. Lakin bu da təkbaşına ermənilərin işi deyildi. Bu qazanı ocağa qoyub qaynatmaq üçün bir saçayaq lazım idi. Bu saat haman qazan hazırdır. Xörəyi bişirməyin də vaxtıdır. Lakin saçayaq yoxdur. Haman saçayağın bir ayağı gürcülər, ikincisi ermənilər, üçüncüsü də müsəlman qonşularımız olmalıdır. Biz bu barədə müsəlmanlara ümid bağlamalıyıq, müsəlmanlar da bizə inanmalıdır... Üçüncü natiq qalxdı: – Ey min illərlə mehriban qonşuluq edən nəcib müsəlmanlar! Siz eşitdiniz ki, vaxtilə Üçkilsədə ermənilərin nə qədər silahı tutuldu! Yerlərdən cavab verdilər: – Bəli, eşitmişik! – Siz eşitdiniz ki, Şuşa şəhər qəbiristanında nə qədər silah tutuldu? – Eşitmişik! – Mən sizi əmin edirəm ki, bu silahlar müsəlmanlara qarşı hazırlanmamışdı. Bu silahlar ümumi düşmənə qarşı çevriləcəkdir. Bu silahlar, sizə də, bizə də bəsdir. Gəlin bunu birlikdə və ümumi düşmənə qarşı sərf edək. Sizin düşmənləriniz başqa fikirdədir. Onlar istəyirlər ki, bu silahı hökumət əleyhinə yox, erməni-müsəlman xalqı bir-birinin əleyhinə işlətsin. Siz buna imkan verməyin! Bu bəla sizə qarşı hazırlanmaqdadır... Üçüncü natiq çox uzun danışdı, nəhayət, müsəlmanlar arasında qubernator Baranovskinin və onun həmfikri Araratyanın rolunu oynayan başçılar əvvəlki üç natiqə etiraz etdilər. Ən əvvəl molla Əbdürrəhim Qasımzadə söz aldı: – Siz ermənilər, biz müsəlmanları lazımınca tanımamısınız, bizim heç vaxt bu cür sözlərdən qorxumuz yoxdur. Biz müsəlmanlar sizin saldatlarınız da deyilik. Sizin silahınıza da ehtiyacımız yoxdur. Biz, özümüz üçün silah-filan da tapa bilərik. Bundan sonra çıxış edən Tapdıq Talıbxanov çox açıqlı danışdı: – Biz axmağıq ki, bizə yaraq verib öz padşahımıza qarşı qaldırasınız?! Bizim dinimiz, şəriətimiz buna yol verməz! İclasdakı müsəlmanlar ayağa qalxdılar. – Biz sizin fikrinizə şərik deyilik, – deyə çıxıb getmək istədilər. Natiqlərdən biri dilləndi: – Müsəlmanlar, dayanın! Bircə sözüm var! Burada danışdığımız sözlər, biz üç nəfərin fikri deyil, bir partiyanın və komitənin fikridir! 1905-ci il avqust ayının 21 idi. Doktor Araratyan Qarabağda ikinci bir faciə törətmək üçün ailəsi ilə birlikdə yaylaqda yaşayırdı. O, Qafqaz canişini Vorontsov-Daşkova yazmaq istədiyi ərizənin planını hazırlayırdı. Axşam üstü Araratyan evə gəldi. Qulluqçunu çağırıb toyuq, cücə, yumurta almaq üçün kənd içinə göndərdi. Sonra da arvadına müraciətlə: – Hazırlıq görmək lazımdır, – dedi. – Saat doqquzda yanıma adam gələcəkdir. Bəlkə bir necə saat oturmalı oldular, müxtəsər bir şam yeməyi vermək lazımdır. Hər şey öz qaydasında idi: cücələr kəsilir, qızardılır. Hadrutdan gətirilmiş şərab şüşələrə tökülür, otaqda böyük lampalar yandırılırdı. Süfrə hazırlayanlardan biri də Araratyanın gələcək damadı, həm də onun zəmanəti ilə daşnaqsütyun partiyasına girmiş Hamazasb idi. Hamazasb, Esterdən 15 yaş böyük idi. Esterin anasının Hamazasbdan xoşu gəlmirdi. Bu gecə yenə də onun sözünü danışırdılar. Sofiya Araratyana dedi: – Sən hər nə edirsən et, lakin bu haramzadanı mənim evimdən çıxart. O alçaqdır. O mənim on yaşlı qızıma indidən öz qadını kimi baxır. Araratyan açıqlanaraq: – Tərbiyə aldığına və cəmiyyət içərisinə çıxdığına baxmayaraq, yenə qanındakı kəndli avamlığı və mədəniyyətsizlik mikrobları məhv olmamışdır. Bir qız bir oğlanan deyilmi? – Buna mənim sözüm yoxdur. Lakin oğlan varsa da, hələlik qız yoxdur. Qız on yaşında bir uşaqdır. – O daima on yaşındamı qalacaqdır? O heç böyüməyəcəkdirmi? Mən bu saat onu ərə verməkmi istəyirəm? O, indidən ərə gedib sabah hamilə olsa, düşünürsənmi başına nələr gələ bilər? – Qız böyüyənə qədər zəmanəmiz yüzlərcə Hamazasbları əvəz etməyəcəkmi? – Lakin sən onu da bilməlisən ki, bu gün bizim üçün ən lazımlı adam Hamazasbdır. Çünki bütün Qarabağ, Zəngəzur, Cəbrayıl və Qaryakin qəzaları erməni kəndlərini, ancaq Hamazasbın vasitəsilə partiyaya cəlb etmək mümkündür. Hələlik daşnaqsütyun partiyası kütləvi bir partiya olmamışdır. Hamazasb kimiləri bu iş üçün lazımdır. Sofiya dedi: – Mənim sizin partiyanın kütləvi olub-olmaması ilə işim yoxdur. Mən öz qızımın sözünü danışıram. Mən səndən tələb edirəm ki, Hamazasb mənim evimdən ayağını çəksin; mən tələb edirəm ki, sən bir də mənim yanımda: «Mənim iki övladım vardır, birisi Ester, birisi də Hamazasb» deyə təkrar etməyəsən! Araratyan əlindəki qəzet ilə Sofiyanın üzündən vuraraq: – Kəs səsini! – dedi. – Bilmirəm sən bu alçaqlığı nə zaman buraxacaqsan! – Mən alçaq deyiləm, ancaq alçaq işləri və alçaq adamları görməyə gözüm yoxdur! Mən heç vaxt onun, on yaşlı qızımı qucaqlayıb öpməsinə razı ola bilməyəcəyəm! – Get gözümdən, ədəbsiz! – deyə Araratyan Sofiyanın üzünə bir şillə vurub qovdu. Qonaqlar gəlirdi, Hamazasb və ev xidmətçisi süfrə döşəyirdi. Yeməkdən əvvəl, Araratyan daşnaq rəhbərlərini kiçik bir otağa toplayaraq Qafqaz canişini Vorontsov-Daşkova yazdığı ərizənin qaralamasını oxuyurdu: «Həşəmətli Qafqaz canişini Vorontsov-Daşkov cənablarına. Biz, sizin və Qarabağ general qubernatoru cənab Baranovskinin köməyi ilə, erməni revolyusionerlərinin planlarını pozduq. Bizim ermənilər və müsəlmanlar arasında apardığımız təşviqat nəticəsində erməni-müsəlman ittifaqı baş tutmadı. Ağ-oğlan monastrında çağırılmış iclasda erməni-müsəlman ittifaqı məsələsi qoyulmuşdusa da bizim fəaliyyətimiz sayəsində Divanəli, Veysəlli kəndliləri onu tamamilə rədd etdilər. Artıq erməni-müsəlman ittifaqı məsələsi xəyal olub qaldı, çünki hər iki millət hazırda bir-birinə qarşı vuruşmağa başlamışdır. İttifaq üçün çağırılan kəndlilər indi ermənilərlə vuruşurlar. Qarabağda erməni-müsəlman davası düşdü. İğtişaş Cəbrayıl qəzasına sirayət etdi. Divanəli, Veysəlli, Qaçar, Qarabulaq, Çəmənli, Ağbulaq, Arış, Qışlaq, Məzrə və sair kəndlər bir-birini qırıb dağıdır. Lakin bu tərəflərdə müsəlman kəndləri bir-birinə yaxın olduğundan, ermənilər böyük tələfat vermişlər. Yalnız Divanəli və Veysəlli kəndlərindəki müharibədə 600 nəfər erməni ölmüşdür. Müsəlmanlar isə 50 nəfər tələfat vermişlər. Cəbrayıl və Qaryakin qəzasında aşağıda göstərilən kəndlər dağılmış və əhalisi məhv olmuşdur: Əfşar, Dudukçu, Naxolu, Ağbulaq, Xərmənçik, Dolanlar, Xoşəndam və sairələr. Biz erməni camaatının başçıları bunu demək istəyirik: General Qoloşşapov cənabları general Baranovskinin siyasətini dəyişdiyindən və hökumət qoşunu yalnız Şuşadakı ermənilərə yardım üçün saxlayıb ətraf qəzalara və kəndlərə kömək vermədiyindən yuxarıda göstərilən kəndlər məhv edilmişdir. Buna görə də mahaldakı ermənilərə hökumət qoşunu kömək verməlidir. Qarabağda baş verən hadisələrdə də ermənilər qalib çıxa bilməmişlər. Orada bizim adamlar işi çox yaxşı başladı. Avqustun səkkizində, şəhər kənarındakı Zarıslı kəndində dörd erməninin öldürülməsi xəbəri şəhərə yayıldı, mənim tapşırığım ilə Maşuriyans, Atabəyov, Doluxanov Zarıslı kəndində öldürülən ermənilər şəhərə gətirmək üçün atlandılar. Bazar içərisindən keçib «İravan qapısı» məhəlləsinə getdilər. Bu xəbərdən şəhər əhalisi küyə düşdü; müsəlmanlar məscidə, ermənilər kilsəyə toplandılar. Bir az sonra atdan yıxılıb yaralanmış bir ermənini şəhərə gətirdilər. Ermənilər bunu görüb həyəcanlandılar, erməni bazarından keçən Qara adlı bir müsəlmanı öldürdülər. Bu xəbər müsəlmanlar arasında yayılar-yayılmaz həyəcan başlandı. Şəhərdə və kəndlərdə şiddətli müharibələr gedir. Avqustun 16-dan 21-nə qədər olan vuruşmalarda, cənab canişinin bütün göstərişlərinə əməl edilmişdir. Lakin bizim bir çarəmiz də var ki, cənab Qoloşşapovun Qarabağdan geri çağırılması məsələsinə diqqət verilsin. Çünki buranın vəziyyətinə cənab Qoloşşapovdan da gözəl tanış olan bir zat yoxdur. Biz heç bir zaman general Fleşer, general Baranovski, yaxud general Aleptanın Qarabağa general-qubernator təyin edilməsinə razı ola bilməyəcəyik. General Qoloşşapovun bəzi səhvlərinə baxmayaraq, o, həm erməni, həm də müsəlman xalqının ruhunu bilir. Biz, bütün erməni xalqı adından bir daha rica edirik ki, gələcək hadisələrdə hökumət qoşununun ermənilərə tərəf durmasını təmin edəsiniz: çünki onlar cənab canişinin tələblərini yerinə yetirmək uğrunda böyük tələfat vermişlər. Xalq arasında oyatdığımız millətçilik ruhu üçün və inqilaba qarşı hərəkatın sönməsi üçün cənab canişin bizə verdiyi vədinə tamamilə vəfa etməlidir». İclas yenicə bitmişdi. Araratyan bütün daşnaq rəhbərləri tərəfindən imzalanmış ərizəni bükub portfelinə qoyduğu zaman Hamazasb həyəcanla içəri daxil oldu: – Əmi, nə oturmusunuz?! – dedi, – Durun! Bədbəxt hadisə üz vermişdir. – Nə bədbəxt hadisə?! – Sofiya xanım ölür! – Ölür?! – Bəli! Halı çox xarabdır! Ölmək üzrədir. Araratyan o qədər də tələsmədi; o, ərizəni qoyduğu portfeli sandığa qoyub bağladı. Açarı şalvarının dal cibinə salıb Sofiya xanımın otağına girdi. Doktor Araratyan, Sofiya xanımın çöhrəsinə baxan kimi: – Naçins qızı zəhər içmişdir! – dedi və ətrafa baxdı. Zəhərli stəkanı gördü və dərhal qayıdıb o biri otaqdan bir stəkan dərman gətirdi. Sofiya xanım yerində ilan kimi qıvrılırdı. Nə yalvarır, nə də danışırdı. O, qızı Esteri qucaqlayıb onun saçlarını oxşayırdı. Ester onun dodaqlarından öpmək istəsə də o geri çəkilərək mane olurdu. Doktor Araratyan əlindəki stəkanı ona təqdimlə: – Ölmək istəmirsənsə, – dedi, – bu dərmanı tez içməlisən! Sofiya gözlərini çevirib Araratyanın üzünə açıqla baxdı. Əlini uzadıb dərmanı aldı, yerə tökdü, stəkanı kənara atdı və: – Get gözümün önündən! – dedi. – Sən qatilsən. Sən öz şöhrətin üçün bütün erməni xalqını məhv edirsən! Sən minlərcə erməni və müsəlman kəndlilərinin qatilisən. Yüzlərcə kəndlinin qarət olunmasına və yandırılmasına sən fitva verdin! Araratyan və Hamazasb dayanıb heyrətlə dinləyirdilər, Sofiya xanım deyirdi: – Sən, yanında duran o alçağın vasitəsilə fağır bir erməni çobanın öldürülməsinə fitva verdin: çünki o namuslu idi; çünki o, erməni və müsəlman xalqının bir-birini qırmasına soyuqqanlılıqla baxa bilmirdi. Sənin, dağlarda dilənçi kimi həyat keçirən müsəlman çobanlarını qırdırmağına soyuqqanlı baxa bilmirdi. O gedib çobanlara xəbər vermiş, onları qaçırtmışdı. Sən ondan intiqam aldın. Hamazasbın vasitəsilə onu öldürtdün! Araratyan yüyürüb Sofiya xanımı döymək istərkən, qulluqçu qadın onun ayaqlarına yıxılıb yalvardı. Sofiya xanım yavaş-yavaş danışırdı: – Ester! Mən hər gün ölməmək üçün bir kərə ölürəm. Sən Hamazasb kimilərə həmişə düşmən olmalısan. Çünki o da, sənin atan da erməni və müsəlman xalqlarının düşmənidirlər! Bundan sonra Sofiyanın səsi kəsildi. Esterin fəryadı ucaldı: – Ana! Ana! Aç gözlərini, aç! Ana, mənim üzümə bir də bax! Məni də özünlə apar! Sofiya xanım bir daha gözünü açmadı, o daşnaq rəhbərini görmək istəməyən gözlərini əbədi olaraq qapamışdı. Kənd qadınları Esteri cənazə üstündən qaldırıb apardığı zaman Hamazasb kibrit çəkib Araratyanın papirosunu yandırırdı. Hələ Sofiya xanımın meyidi aralıqda idi. Faytonçu içəri girərək Araratyanı səslədi: – Ağa, fayton hazırdır! Doktor Araratyan ayağa qalxaraq şalvarının dal cibindən açarı çıxartdı. Sandıqdakı portfeli götürüb faytona əyləşdi. Çünki o, Yevlax stansiyasına gedib Qafqaz canişini Vorontsov-Daşkov cənablarına yazdığı məktubu Tiflisə göndərməli idi. O, Hamazasbla faytona oturdu. Meyidi kəndlilər basdırdılar. Araratyan bir gün sonra kəndə qayıtdıqda, Sofiyanın harada basdırıldığını belə soruşmadı. O, Ester yatan otağa girdi. Ester yuxuda idi. Araratyan onun başı üstündə oturub saçlarını sığallayırdı. Ester ayıldı, yenə də anasının faciəsini xatırlayaraq ağladı və Araratyanın əllərini kənara ataraq üzünü yana çevirdi. Araratyan sual verdi: – Sən kimin qızısan? Esterdən səs çıxmadı, o ancaq ağlayırdı. Araratyan bir də soruşdu: – Səndən soruşuram: sən kimin qızısan? Ester üzünü qorxa-qorxa çevirib: – Mən anamın qızı idim. İndi isə o yoxdur. – Sən mənim qızım deyilsənmi? – Yox! – Nə üçün?! – Çünki sən məni anasız qoydun. Onu sən öldürdün. – Çünki o ölməli idi. O sənin xoşbəxt olmağına razı deyildi. Bundan sonra sən mənim qızım olacaqsan. Sənə hər şey alacağam. – Mən heç bir şey istəmirəm! Ancaq anamı mənə yetir! – O bir də bura qayıtmayacaqdır. Qoy qayıtmasın, çünki o yaxşı ana deyildi. Sənə ondan da mehriban, ondan da yaxşı bir ana tapacağam, sən heç vaxt ananın sözlərini yadında saxlama, sən yaxşı qız ol, mən səni həmişə sevəcəyəm, səni özümlə bərabər hara desən aparacağam. Ester bir az düşünərək: – Mən anamdan başqa heç bir kəsi sevməyəcəyəm. Çünki məni sevən ancaq yazıq anam idi: mən səni heç vaxt sevməyəcəyəm? Çünki anamı mənim əlimdən alan sənsən! Araratyan qızarmış bir halda ayağa qalxdı və: – Sən də onun qızısan! Sənin də anan kimi bir tərəfin nanəçibdir!—deyə yorğanı onun başına çəkdi və eşiyə çıxarkən şəhərdən pristav və sudyanın gəldiyini gördü. Araratyan onları başqa otağa apardı, nahardan sonra, Sofiya xanımın ölümü haqqında belə bir protokol yazıldı: «1905-ci il, avqust ayının iyirmi birində, gecə saat birin yarısında doktor Araratyan cənablarının qadını Sofiya xanım, qaranlıqda, öz ev aptekasını açıb baş ağrısı dərmanı əvəzinə zəhər içmişdir. Sofiya xanım hələ canı çıxmamış bunu cənab doktorun özünə söyləmişdir. Hamazasb və ev qulluqçusu da bu sözləri eşitmişlər. 23 avqust, 1905-ci il». Esterin anası yenicə ölmüşdü. O, daima anasını xatırlarkən Qar-qar çayı sahilinə gəlir, anası ilə birlikdə gəzdiyi yerdə oturur, düşünür və ağlayırdı. O, axşamlar da evə çox gec qayıdardı. Bəzən onu qulluqçu qadın, bəzən də Araratyan özü tapıb evə aparardı. Ester hər gün dağları, quşlar yuva saldığı yaşıl budaqları gördükdə, çiçəklər, kəpənəklər və yaşıl yamacları nəzərdən keçirdikdə, anasının söhbətlərini xatırlayar və ağlardı. Onun səsi suların və quşların səsinə qarışardı. Kəkliklər dağda qaqqıldaşanda, qızlar meşədə odun qıran kəndli gənclərin qəlbinə məhəbbət aşılayanda, uşaqlar sular üzərində üzən ördəkləri daşlayanda, Ester anasının «nadinc uşaq» nağılını xatırlayırdı. Çamlı meşələrin qəlbindən axan sular bulaqlara, bulaqlar irmaqlara, irmaqlar isə böyük çaylara axaraq dağa-daşa səs saldığı zaman, Ester ətrafına baxaraq, zalım Araratyanın işkəncələrilə ölən anasına ağlardı. Torpağın son beşiyi sayılan incə otlar, ana qucağında nazlanan körpə kimi baxdığı ağ dumanlardan yarpaqların çöhrəsinə şəbnəm düşdüyü zaman, Esterin anasına həsrət qalmış gözlərindən şəbnəmlər axardı. Anasından yenicə ayrılmış quzuların dodaqları, yumşaq otlara dəydiyi zaman Ester də anasının dodaqlarını öz dodaqlarında hiss edərdi. Hər şey gülərkən, anasız qalan Ester, ayaqlarını Qar-qar çayına sallayıb düşünürdü. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. Bu mənzərə Esteri ucadan ağlamağa məcbur etdi. Çünki o hələ öz uşaqlıq dövrünü bitirmədən anasından ayrılmışdı. O, səs eşitdi: – Nə üçün ağlayırsan?! Ester dönüb arxasına baxdıqda, qara, qıvrım saçlı bir uşaq gördü. Onun əynində yamaqlı və göy rəngli bez köynək, ayağında köhnə çarıq vardı. O, Esterdən nə böyük, nə də kiçikdi. Ester ona baxıb durdu və gözlərinin yaşını tökdü. Oğlan bir də soruşdu: – Sən nə üçün ağlayırsan?! Meşəyə gələndə anan sənə çörək verməmişsə ağlama, gəl sənə çörək verim. Anam çörəyimin arasına şor da qoyubdur, meşə gəvəri yığmışam, gedib çay qırağından nanə də yığacağam. Ester oğlanın «anan sənə çörək verməmişdir» sözündən qəhərlənib şiddətlə ağladı və ixtiyarsız cavab verdi: – Anam yenicə ölmüşdür. Mən hər il bura anamla gəlirdim. Onunla həmin bu yerdə oturardıq. O, məni sevər, qucağına alardı, mənə cürbəcür nağıllar söylərdi. Saçlarımı bu çayın kənarında yuyub darardı. Oğlan ona təsəlli verdi və qolundan yapışıb dedi: – Sən heç ağlama. Dur gedək nanə dərək, pendir-çörəyimizi yeyək, mən də acmışam. Sonra da səni anamın yanına aparacağam. Kəndimiz bura yaxındır. Anam səni sevər. Saçlarını darar. Sənə tülkü nağılı deyər. O çox yaxşı nağıllar bilir. Dünən gecə mənə keçəlin nağılını söylədi. O qədər güldüm ki, qarnım ağrıdı. Onlar yerlərindən qalxıb nanə dərməyə getdilər. Sonra çam ağacının dibindən qaynayan sərin bulağın başında oturdular. Oğlan belindən dəstərxanı açdı, otların üstünə döşədi. Arpa çörəyini parçaladı, çoxunu Esterin, azını isə öz yanına qoydu. Dağ gəvəri və nanəni də bulağın suyunda yuyub, təmizlədi. Qayışından asdığı bıçağını çıxarıb süfrəyə qoydu və bıçağın ucu ilə arpa çörəyinin üstünə şor yaxıb yeməyə başladı. Ester də ona baxıb iştah ilə şor-çörək yedi və ömründə heç nədən almadığı ləzzəti aldı. Oğlan Esterə sual verdi: – Bəs sənin adın nədir?! – Esterdir. – Bəs burada nə üçün oturmuşdun? – Mən hər gün burada oturub anam gəzən yerlərə baxıram. – Mən də bura gələndə və sürüləri görəndə rəhmətlik atamı xatırıma salıram. – Sənin atan nə iş görərdi? – Çoban idi. – Sənin atandamı zəhər içib öldü?! Oğlan bu sözdə tikəsini süfrəyə qoydu: – Xeyr,—dedi,—anamı da yandıran budur ki, atam xəstəlikdən ölmədi. Bir gün də olsa yorğan-döşəyə düşmədi. – Bəs ona nə gəldi? Xəstəliyi nə idi? – O xəstələnmədi. Onu öldürdülər. – Müsəlmanlarmı öldürdü? – Xeyr, atamı ermənilər öldürdü. – Nə üçün? – Erməni-müsəlman bir-birini qırırdı... Vahan sözünü bitirməmiş Ester soruşdu: – Nədən ötrü? – Bilmirəm nədən ötrü. Ancaq onu bilirəm ki, erməni-müsəlman bir-birini harada görsə öldürürdü. – Bəs onda sənin atanı nə üçün ermənilər öldürdü? Ağlamaqdan Vahanın boğazı tutuldu. İki əlini birləşdirib, bulağın sərin suyundan içib danışmağa və atasının ölümünə səbəb olan hadisəni söyləməyə başladı: – İş belə idi, amma çox uzun əhvalatdır... – Eybi yoxdur, danış! Vahan başına hərəkət verərək: – İş belə idi, atam çoban idi. Bu kəndlərdə «Arustam yaxşı adamdır» deyə hər kəs təriflərdi. O, günün birində sürüsünü Əskərandan keçirdiyi zaman bir dəstə silahlı xumbların oturduğunu görür. Ester soruşdu: – Xumblar kimdir? Nəçidirlər? – Onların peşəsi adam öldürməkdir, həmişə də bellərində uzun tapança gəzdirərdilər. – Çox yaxşı, danış. – Bəli, atam sürüsünü oradan keçirəndə xumbların birisi gəlib ondan soruşur ki, «Arustam, doğrusunu de görüm müsəlman çobanları hansı yol ilə gələcəklər?» Atam cavab verir ki, haman bu yol ilə gələcəklər. Atam anlayırdı ki, xumbların fikri çobanları öldürməkdir. Haman saat sürünü yatırdıb, başqa bir kəsmə yoldan qaçır, müsəlman çobanlarına xəbər verir ki, xumblar yolu kəsiblər. Beləliklə, müsəlman çobanları qaçıb ölümdən qurtarırlar. Xumblar bu işi biləndən bir gün sonra, evdə yatmışdım, anamın çığırtısına yuxudan ayıldım. Bir də gördüm ki, atamı vurublar, başı anamın dizi üstündə can verir. Mən özümü atamın üstünə saldım. O məni bircə kərə öpdü, ancaq heç bir söz demədi. Ester bu faciəni eşidib yenə ağladı və soruşdu: – Bəs sənin adın nədir?! – Mənim adıma bu kənddə Vahan deyərlər. Məni hər kəsdən soruşsan tanıyar və deyər ki, Vahana əvəz oğlan yoxdur. Amma heyif ki, məni dərsə qoyan yoxdur. Kənd məktəbində oxuyuram. Ondan nə çıxacaqdır? Kənd məktəbindən çıxanların hansı birisi adam olub adamlara qoşulmuşdur ki?.. – Dərs oxumaq nəyə gərəkdir? Atam da məni zor ilə, danlaya-danlaya məktəbə göndərir. Amma getməyə ayağım gəlmir, çünki ordakılar xoşuma gəlmir. Vahan ona cavab verərək dedi: – Mən də eləyəm, məktəbdəkilərə qoşulmaq belə istəmirəm. Onlar çox tərbiyəsizdirlər. Adama çəkmələrini, arxalıqlarını, buxara papaqlarını göstərir, adama gülürlər. – Sən çox yaxşı oğlana bənzəyirsən. Mən də ki, yaxşı oğlanları sevirəm. İkimizin də xasiyyəti birdir. Mən dinc qızam, sən də dinc oğlansan. Amma heyif ki, 15 gündən sonra şəhərə gedəcəyəm. – Elə isə salamat get, yaxşı yol! – Sən də Bakıya gəlsəydin çox yaxşı olardı. Bakı çox böyük şəhərdir. Sənə bir çox qəribə yerlər göstərərdim. Ata minib gəzərdik. Yellənçəyə oturub uçunardıq. Bakının bir eybi var ki, nə çayı var, nə meşəsi. Qoşulub oynamalı uşaqlar da yoxdur. Adamın başından papağını götürüb qaçırlar. – Elə, anam da Bakıya köçüb getmək istəyir. Orada yeznəm və bacım var. – Bakıda nə iş görürlər? – Mədəndə işləyirlər. Amma mən bilmirəm ki, bu paltarda Bakıya gəlsəm, məni şəhərə buraxarlar ya yox? – Nə üçün də qoymasınlar? Sən çox təmiz oğlansan. Xasiyyətin də yaxşıdır. – Bilirsən mən Bakıya necə gələcəyəm? – Bilmirəm! – İki quzu alıb bəsləyəcəyəm. Elə ki, böyüdü qoyun oldu, satıb yol pulu edəcəyəm. Anamı da götürüb Bakıya gələcəyəm. – O çox uzun çəkməzmi? – Uzun çəkdi-çəkmədi, əlacımız nədir? Axşama az qalırdı. Araratyanın xidmətçisi yenə də adəti üzrə Esteri axtarıb meşədə tapdı. Ester Vahandan ayrıldığı zaman dedi: – Yadından çıxmasın. Sabah bu çayın kənarında olarsan. – Salamat get, yaxşı yol!.. Bu sözlər illərdən bəri Esterin qulağında səslənirdi. O hər il yaylağa gəldiyi zaman vaxtını Vahan ilə keçirir və ayrılarkən «salamat qal» sözünü eşidirdi. Ester son dəfə eşidirkən, bu səsin Vahandan yox, özünün qəlbindən gəldiyini zənn etdi. Lakin dönüb ətrafına baxdıqda Vahanı öz yanında gördü. Şiddətli küləklər yenə davam edirdi. Gözlər bir-birinə dikilir, çırpınan qəlblər qovuşur, titrək dodaqlar da bir-birinə yapışıb qalmışdı. Qara saçlar külək təsiri ilə bir-birinə qarışmışdı. Ester ancaq bu sözləri deyə bildi: – Vahan, üç-dörd günə qayıdacağam. Sən inananlara inanıram. Sənin məsləkini sevirəm. Vahan: – Ester, ev tapmışam, anam da gəlmişdir,—deyərək onun əlini sıxdı. Ester Vahana sual verdi: – Yanında duran oğlan kimdir? – Bu mənim yoldaşımdır.—Vahan bunu deyib Esteri Heydərlə tanış elədi. * * * XXII. Generalın yanında Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu. Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə: – Sən hələ bu nəcib milləti tanımırsan,—dedi.—Sən hələ İngiltərə əzəmətini yaxşı bilmirsən. Əbəs yerə mən bir millətin şanına yaraşmayan bəzi uyğunsuz məsələləri qaldırmaq istəyirdim. İndi mən ümid edirəm ki, Bakıya qayıdanda başım uca olacaqdır. Bakıda ingilis qoşununun qarınca kimi qaynaşdığını görəcəyəm. Yaxşı oldu ki, mən gəmidə düşündüklərimi generala demədim. Desəm general bizdən inciyərdi. Araratyan indi artıq gəmidə düşündüklərindən qorxur və titrəyirdi. Bu qorxu onu təbii halından çıxarmışdı. O, özünü generalın hüzurunda hiss edir və sanki düzəltdiyi konspekt üzrə ona şikayətlənib deyirdi: «İngilis mədəniyyətinə qovuşmaq üçün Sovetlər Rusiyasının bütün təkliflərini rədd etdik. Cənab general özü bilir ki, biz əlli ildən bəri erməni millətinə istiqlaliyyət qazanmaq üçün Böyük Britaniyanın mərhəmətinə sığınmışıq. Lakin biz bu istinaddan müsbət bir şey əldə etmədiyimizdən daima düşmən partiyaların tənqidinə məruz qaldıq. İngiltərə hökuməti həmişə bizə istiqlaliyyət vədi vermiş, lakin yaman gündə erməniləri düşmən qarşısında qoyub çəkilmişlər. Türkiyə erməniləri İngiltərə himayəsinə sığınaraq ölüm-dirim mübarizəsinə qalxışdılar və İngiltərə siyasətinin qurbanı oldular. Bu zaman İngiltərədən yardım istədilər, lakin on minlərcə qurbanlara mükafat olaraq İngiltərədən bu cavabı aldılar. «Osmanlılarla mübarizə və Anadoludakı erməniləri müdafiə üçün bizim hərbi gəmilərimiz Anadolu dağlarına çıxmağı bacarmaz». Hazırda bir çoxları Türkiyə və bəziləri bolşeviklər tərəfində durmağı tələb edirkən biz yenə də əski dostumuz ingilisləri unutmadıq, onların himayəsini qəbul etməyi qərara aldıq. Çox təəssüf olsun ki, əski dostlarımız bizi burada da gülünc bir vəziyyətdə qoydular. Bakıya gətirilən qüvvənin azlığı, həm bizi bolşeviklərin tənqidinə məruz qoydu, həm də İngiltərənin əzəmətini kiçiltmiş oldu. Araratyan sanki bu sözləri generalın yanında deyərək durur və ondan cavab gözləyirdi. General papirosunu ağzından alıb stol üzərinə çırpdı: «Get gözümdən!—dedi.—Gündə bir ayağa sıvaşan palçıqlar! İstiqamətsiz, müəyyən bir fikri olmayan partiya rəhbərləri!» Bu düşüncə Araratyanı silkələdi. Xəyal yuxularından oyatdı və yazdıqlarını generala söyləmədiyi üçün bir daha özündən razı qaldı. Araratyan və Esterin oturduğu fayton çox sür'ətlə gedirdi. Generalın yaşadığı Lianozov balıq idarəsinin binası çox da yaxında deyildi. İndi də Araratyan başqa şey düşünürdü. General ondan nə üçün gəldiyini soruşduqda, nə cavab verəcəkdir? Bəlkə də general ingilislərin Bakıda nə cürə qəbul edildiklərin soruşdu, onun sualına nə cavab verməli? Yaxud general Mərkəzi Kaspi Diktaturası üzvlərinin nə fikirdə olduqlarını bilmək istədi. Araratyan bu suallara cavab hazırlamalı deyildirmi?! Bu fikir çox uzun çəkdi. Fayton general yaşayan binanın qarşısında durmuşdu, Araratyan bir səs eşitdi: – Mister, nə istəyirsiniz? Araratyan başını qaldırdıqda generalın qapısında duran növbətçi ingilis saldatını gördü və: – Biz Bakıdan gəlmişik,—dedi,—generalı görmək istəyirik. Növbətçi saldat yanında duran saldatı, generala xəbər verməyə göndərdi, saldat pilləkənlərdən qalxıb yuxarı getdi və beş dəqiqə sonra, generalın hüzuruna getmək üçün Araratyana icazə verildi. O, qızı Ester ilə bərabər yuxarı çıxdı. O, Esteri gözləmə otağında qoyaraq, öz üst-başını və yaxalığını düzəldib generalın qəbul otağına daxil oldu. Araratyan daxil olduğu zaman general qoltuqlu bir stulda oturub Xəzər dənizinə baxırdı. General dişindəki trubkasına dərin nəfəs vuraraq, havaya qəliz duman buraxdı və dedi: «Xəzər dənizi dünyada yeganə dənizdir ki, orada ingilis bayrağı gəzdirən gəmilər üzməmişdi». General bu düşüncə təsirilə ayağa qalxdı və yazı stolu başında oturdu. O, teleqram yazdı. Teleqramın birini Londona, xariciyyə nazirliyinə, digərini isə Bağdada, İngiltərə hərbi missiyasının baş idarəsinə göndərdi. «London Xariciyyə naziri baş katibinə. Avqust ayının 6-da İngiltərə imperatorluğu tarixində birinci dəfə olaraq, Xəzər dənizində İngiltərə bayrağı qaldırıldı. Qazyan, 6 avqust, 1918. Denster-Vil». General bu teleqramı yazdığı dəqiqələrdə, özünü neft Bakısı hökmüranlığında hiss edirdi. Budur, o mazut qatarlarını Bakıdan Batuma yola salır. Batum neft kəmərinin ağzını portdakı ingilis gəmilərinin ac ağzına dayamış. O, Bakının qanını son damlasına qədər sorub İngiltərənin Siti ticarətgahına boşaldır. General, Bakı nefti ilə London və Mançester sənayesinin yanacağa susamış boğazını yağlayır və neft kralı Deterdingin arzularına xidmət göstərirdi. Ənzəli dairəsinin qəliz tozlu havası ilə tənəffüs edən Araratyan ucadan öskürdü və generalı düşüncələrindən ayırdı. General başını qaldırıb qarşısında əski dostu Araratyanı gördü: – Səfa gətirmisiniz, əziz dostum!—dedi.—Buyurun! Nə əcəb təşrif gətirmisiniz? Araratyan qorxa-qorxa dedi: – Gəldim cənab generala ərz edim ki, Bakını türklərə qarşı müdafiə etmək üçün böyük qüvvə lazımdır. Qoşunun az gəlməsi, sizin dostlarınızın nüfuzunu qırdı. Bu işdən bolşeviklər həddindən artıq sevindilər. Üzdə olmasa da işçilər arasında bizə qarşı təbliğat aparırlar. Onlar hər yerdə bizim ucuz qiymətə satıldığımızı söyləyib nüfuzumuzu qırırlar. Cənab general, Bakı çox zəngin şəhərdir. Arzu edirik ki, Almaniya və Türkiyənin marağını oyadan və bolşeviklərin ölüm-dirim məsələsini təşkil edən Bakı şəhəri, bizim qədim dostumuzun, hazırkı müttəfiqimizin əlində olsun. General onu çox diqqətlə dinlədi və: – Əvvələn budur ki, Bakını müdafiə üçün yalnız ingilislərin qüvvəsi deyil, sizin öz qüvvəniz də iştirak etməlidir. İkincisi də, aldığımız məlumata görə türklərin Bakı cəbhəsində 10 mindən artıq qüvvəsi yoxdur. Bu hesaba görə sizin silah altında olan qüvvəniz, türklərin qüvvəsindən əskik deyildir. İngilislərin göndərdiyi qüvvələr əlavə edilirkən siz türklərə qalib gələ bilərsiniz. Üçüncüsü, mən bolşeviklərin, sizin əleyhinizə təbliğat aparmasına heyrət etməyə bilmərəm. Bir halda ki, hökumət Mərkəzi diktaturanın əlindədir, siz bolşevikləri Bakıda nə üçün azad buraxmışsınız? Görünür ki, siz hökumət işlərində o qədər möhkəm və təcrübəli deyilsiniz. Siz bu məsələ ilə ciddi məşğul olmalısınız, çünki bolşevik dediyim sözlə zarafat və etinasızlıq yaramaz. Onlar çox tez kök atır və çox tez inkişaf edə bilirlər. Mən arzu edərdim ki, bizim dostlarımız bu məsələ ilə ciddi məşğul olsunlar. Dördüncü məsələ də tamamilə sizdən asılıdır. Çünki bizi Bakıya dəvət edən siz özünüzsünüz. Birinci məsələ, bakılıların bizi necə qəbul etməsidir. Bu barədə məlumat vermənizi rica edərdim. Araratyan nə cavab verə bilərdi?! Onsuz da generalın bu şikayətdən narazı qaldığını anlamışdı. Buna görə də o, ancaq generalın beşinci sualına cavab verərək dedi: – Çox arzu edərdim ki, cənab generalın özü Bakıda olaydı, qonaqların şərəfinə düzələn bu təntənəni öz gözü ilə görəydi. Bakı indiyə qədər belə bir təntənə görməmişdi. Araratyan yalan danışmadan ötüşə bilməyəcəyini duyaraq, bir aktyor kimi əllərini, bədənini və qaşgözünü oynadaraq dedi: – Fabrik-zavod işçiləri tamamilə işi dayandırıb qonaqları istiqbal üçün körpüyə gəlmişdilər. Bütün Bakı mühiti Böyük Britaniyanın möhtəşəm və əyilməz bayraqları ilə bəzənmişdi. «Yaşasın müttəfiqlərimiz, yaşasın!»—deyə qışqıran səslər, şəhərə yağan top güllələrinin səsini örtürdü. Bu sözləri dinlərkən general acı-acı gülümsündü. Araratyan sözünü bitirdikdə general əlini uzadaraq stol üstündən götürdüyü bir yazılı kağızı Araratyana tərəf uzatdı: – Bunu oxuyun!—dedi.—Əcəba, bu müraciətnamənin mündərəcəsi sizin dediklərinizi təsdiq edirmi?! Bu müraciətnamə, daha doğrusu Bakı işçilərinin böyük bir hissəsi tərəfindən alqışlanan bu sənəd, ingilis ordusunun nə cür qəbul edildiyini göstərən sübut deyilmi?! Araratyan müraciətnaməni oxuduqda rəngi qaçdı. Hərflər onun gözündə o qədər böyüdü ki, Araratyanın göz həlqələri əhatə edə bilmədi. «Müraciətnamə Yoldaşlar! İşçi, matros, qızıl əskərlər və bütün Bakı vətəndaşları! İngiltərə imperializmi agentləri, əksinqilabi hərəkət uğrunda çalışır. O bizim aramıza nifaq toxumu səpir, matrosları, işçilərin əleyhinə, işçiləri isə inqilabi hökumətin üzərinə qaldırmaq istəyir. Bizə məlumdur ki, yerli əksinqilabın ingilislərlə möhkəm əlaqəsi vardır. Düşmənlər bizim hökuməti devirmək, yerində ingilis burjuaziyasının hakimiyyətini qurmaq istəyirlər. Burjuaziya və onların tərəfdarlarının hamısı ingilislərə tərəfdir. İşçi və matros yoldaşlar isə Rus inqilabının tərəfdarıdır. Burjuaziya və onun lakeyləri bizi Rusiyadan ayırmaq istəyirlər. İşçi və matros yoldaşlar isə Rusiya Federativ Sosialist Sovet Respublikası İttifaqında qalmaq arzusundadırlar. Burjuaziya, ingilis lakeyləri, bütün xainlər, qorxaqlar və bütün əksinqilabçılar Rusiyadan ayrılmağı istəyirlər. Onlar ingilis mənafeyi uğrunda Almaniya ilə müharibəni davam etdirmək üçün müstəqil Rusiyanın əleyhinədirlər. Rədd olsun ingilis imperializmi! Rədd olsun onların nökərləri! Rədd olsun burjuaziya əksinqilabı! Yaşasın xalq komissarlığı! Yaşasın müstəqil Rusiya! Yaşasın sosialist inqilabı! İngilislər sizə nə verəcəkdir?! Heç bir şey! Onlar sizdən nə alacaqdır?! Hər şeyi! Rədd olsun ingilis kapitalistləri! Hamı cəbhəyə, silah başına! Hamınız Bakını müdafiəyə!» General gözlərini Araratyanın ağzına dikmişdi. O, Bakıdan yenicə gəlmiş bu «xeyirli» müsafirin fikrini bilməyə çalışırdı. Araratyan generalın bu müraciətnamə nəticəsində nə qədər açığlandığı və kədərləndiyini lazımınca təyin etdiyindən, bu acıları onun qəlbindən silmək üçün ingilislərdən ötrü əlverişli cavablar aramağa başlamışdı. Buna görə də müraciətnaməni təkrar oxudu. Müraciətnamədəki bəzi cümlələrin cavabını verməklə generalın vaxtını almamaq və ancaq onu maraqlandıran və onu rahatsız edən bir neçə cümləyə cavab verməyi kəsdirdi. Araratyan onu rahatsız edən qısa bir cümləni əzbərləmişdi. «Onlar sizdən nə aparacaqdır!? Hər şeyi!» Generalın özü də bu cümləni bir neçə kərə təkrar edərək dedi: – Yəni necə «ingilislər Bakıdan nə aparacaq? Hər şey?» Bu nə deməkdir!? General yalnız söz ilə deyil, bütün hərəkəti ilə Araratyana sual verdi: «Bakıdan hər şeyi aparmaq mümkün olacaqdırmı?!» Araratyan ingilis generalının ruhunu, vicdanını sakit edə biləcək sözlərini açıq və qəti dedi: – Bakıdakı daşnaq, eser və menşevik rəhbərləri cənab generala verdiyi bütün vədlərinə sadiqdirlər. Onların hamısına əməl ediləcəkdir. Lakin general cənabları da öz növbəsində onların arzularına kömək etməlidir. Müraciətnaməni isə bolşeviklər buraxmışlar. General özünü düzəldərək dedi: – Mən təəccüb edirəm! Hökumət Mərkəzi Kaspi Diktaturasının əlindədirsə bu müraciətnamə nədir?! Çünki müraciətnamə iyulun 26-dan sonra çıxmışdır. Əziz dostum, hökuməti sizin kimi qurmazlar. Siz bolşeviklərin hərəkətini ilk gündən nəzarət altına almalısınız: madam ki, onlar koalisiya hökumətinə daxil olmaq istəmirlər, siz onları bütün imkanlardan məhrum etməlisiniz. Bolşeviklər gündə bir müraciətnamə buraxsa, sizinlə bizim dostluğumuzun möhkəmliyinə mane ola bilərlər. Çünki onların dedikləri, işçi və kəndlilər üçün olduqca əlverişlidir. Bolşeviklərlə qəti hesablaşmağı təkrar sizə tapşırıram, bir evdə iki hava ilə tənəffüs edilməz. Bakıdakı rəhbərlərin arzularına cavab vermək məsələsi haqqında, kral hökumətinin də öz vədinə sadiq qaldığını və Bakının müdafiə tələblərinə mümkün qədər cavab verəcəyini söyləyə bilmərəm. Ancaq sizə, əvvəl dediyim kimi indi də təkrar edirəm: bu müdafiədə sizin də iştirakınız lazımdır. Axırda şübhə çıxmasın deyə, mən öz fikrimi yazılı olaraq sizə verəcəyəm. Söhbət bitdi. Araratyan qalxıb vidalaşmaq istədikdə, general: – Rica edirəm oturun!—dedi.—Bu günü birlikdə keçirək. – Qızımı da bərabər gətirmişəm. Onun istirahətini təmin etmək lazımdır. – Bəs onu harada qoydunuz?! – Cənab generalın gözləmə otağında oturub, məni gözləyir. General Araratyanla bərabər çıxdı və Esterlə tanış oldu. Sonra da dəstəyi götürüb, Ənzəli gömrük rəisi belçikalı müsyö Konionu telefona çağırdı: – Bu gün,—dedi,—sizi Bakıdan mənə qonaq gəlmiş iki nəfər möhtərəm şəxs ilə tanış edəcəyəm. Ester gömrükxana rəisi müsyö Konninin evində təşkil edilmiş ziyafətə getmək istəmirdi. Çünki atasının onu yeni müştərilərilə tanış edəcəyini və onu ingilis zabitlərinə təqdim edəcəyini bilirdi. Lakin getməmək də olmazdı. Çünki bu, ingilis generalını təhqir sayıla bilərdi. Ziyafət gömrükxana binasında idi. Üzərində İran bayrağı vurulmuş bu əcnəbi müəssisəsinə daxil olurkən, generalı, doktor Araratyanı və Esteri müsyö Konion və madam Konion qarşıladı. General əziz qonaqlarını təqdimlə dedi: – Bu zat Qafqazın ən məşhur və ən mədəni simalarındandır, bu da möhtərəm dostumuzun qızı Ester xanımdır.—Rəis və qadını bu görüşdən məmnun qaldıqlarını təkrar-təkrar söylədilər. Qonaqların hamısı toplanmamışdı. Bir azdan sonra generalın yaveri miralay Sonders gəldi. Əvvəlcə Ester ilə tanış oldu, sonra da Araratyana əlini uzadarkən: – Üçüncü görüşümüzdür,—deyə onun əlini sıxdı. Miralay Bakının vəziyyətinə dair qısa suallar vermək də ikən, miralay Keyvort da gəldi. Miralay Keyvort görüşdükdə miralay Sondersin dediklərini təkrarla Araratyanın əlini sıxdı və Esterlə məşğul olmağa və onun ruhunu oxşamağa başladı. Keyvort birinci görüşdə, öz-özünə «Bakı səfərini şad keçirmək üçün bundan da yaxşı və sevimli vasitə ola bilməz»—deyə Esterə belə bir sual verdi: – Bakı dostlarımızın qızlarının hamısı sizin kimi gözəldirlərmi?! Ester bu yersiz suala nə cavab verə bilərdi? İndicə tanış olduğu qıza, mədəni insanlara yaraşmayan sual verən ingilisə cavab verməmək də olmazdı. Ester çox düşündü. O, ingilisləri birinci dəfədir ki, görürdü, lakin atası ingilislərin tərbiyəsindən, nəcabətindən, mədəni olmasından, ona bir kitab söhbət etmişdi. Lakin miralay Keyvortun gülünc sualları, Araratyanın ingilislər haqqında dediklərinin əsassız olduğunu göstərdi. Miralay cavab gözləyirdi. Ester dedi: – Bakıda sizin dostlarınızın qızlarından daha maraqlı və məşğul olmalı məsələlər vardır. Məncə, siz əvvəlcə dostlarınızın müdafiəsi məsələləri ilə məşğul olmalısınız. Miralay Keyvort sualından ötmədi: – Nəcib qızlar, mədəni insanların sualını cavabsız qoymazlar,—dedi,—mənim sualım mədəni bir sual olmasa belə, onu cavabsız qoymamalısınız, çünki mən erməni xalqı ilə çox maraqlanıram. Keyvort, erməni xalqının qəddar düşməni olan və imperialist lakeyi olan daşnaq və fırıldaqçı yazıçıların adını bir-bir saymağa başladı: – Mən erməni ədəbiyyatı, incəsənəti ilə maraqlanan bir ingilisəm! Keyvort öz nəsli və nəcabəti haqqında xəbər vermək istərkən, şahzadə Bahadır xanın gəlmək xəbəri verildi, bu söhbətlər yarımçıq qaldı. Bahadır xan milli paltarda gəlmişdi. General onu Esterlə tanış edərək: – Əlahəzrət İngiltərə kralının fəxri yavərlərindən Hindistan Dehli tac-təxtinin vəliəhdi cənab şahzadə Bahadır xandır,—dedi. Ester onun əlini sıxarkən dedi: – Leyla xanım haqqınızda mənə danışmışdı. Şahzadə Bahadır xan dedi: – Leyla xanımın həyatı necə keçir? Bakının havası ona yaxşı təsir edirmi? Səhhəti yerində deyildi, indi necədir? Ester dedi: – Leyla xanımın səhhəti düzəlmişdir. O, sizi səbirsizliklə gözləyir. O, Hacı Zeynalabdin Tağıyevin sarayında çox gözəl yaşayır. İngilis zabitləri bir-bir gəlirdi. Onların hər biri Ester xanımla tanış olur və ingilis adətincə öz nəsil-nəcabətindən danışırdı. Əvvəlcə kapitan Stoks Esterə yanaşaraq tanış olub dedi: – Siz vəzifəsi böyük olmayan, fəqət yüksək bir familiyaya mənsub olan zabitlə tanış olmaq istəməzmisiniz? Ester dedi: – Təbiidir ki, insanın yüksəkliyi vəzifə ilə deyil, onun mədəniyyəti və tərbiyəsilə ölçülür. – O barədə mən fəxr edirəm. İndi siz də fəxr edə bilərsiniz. Çünki bu saat siz, İngiltərənin məşhur müəlliflərindən Addisonun nəvəsi ilə oturmusunuz. – Babanız sağdırmı?! – Xeyr! Yaxınlarda vəfat etmişdir. – Bu ilmi?! – Xeyr, o, 1672-ci ildə İngiltərənin Milson şəhərində doğulmuş və 1719-cu ildə vəfat etmişdir. – Elə isə çox da yaxınlarda deyilmiş. – İngilislərdə bir misal var, eşitmisinizmi? – Xeyr, eşitməmişəm. – İngilislər deyərlər ki, iki şey dünyada nə qədər köhnə olsa o qədər qiymətli olar: biri şərab, ikincisi isə familiyadır. Rəhmətlik babam, Oksvord şəhərində oxuduğu zamanlar belə latın dilində yazdığı şerlərlə böyük şöhrət qazanmışdı. O, risvik müsalihəsi barəsində yazdığı şerlərlə kralın məhəbbətini qazanmış və ildə üç yüz lirə mükafata layiq olmuşdu. Mərhum sonra Fransa və İtaliyaya dönə-dönə səyahət etmiş və 1702-ci ildə mükəmməl bir səyahətnamə yazmışdı. Babamız neçə dəfə nazirliklərdə müşavir vəzifələrinə nail olmuşdu. Bundan da sonra İrlandiyada xədivlik və soltanlıq mənsəbinə çatmışdır. – Doğrudanmı babanız İrlandiyada xədivlik etmişdir? – Bəli, oraya xədivlik üçün gedən Vartonun yanında baş katib olmuşdur. Oradan qayıtdıqda Stel ilə bərabər səyahət və ədəbiyyata aid müxtəlif jurnallar nəşr etdirmiş və 1713-cü ildə Katon ünvanı ilə yazdığı bir teatr əsərini səhnəyə qoydurmağa müvəffəq olmuşdur. Mərhum kraliçə Annanın vəfatından sonra, 1717-ci ildə vəkillər heyətinə də daxil olmuşdur. – Bəs nə üçün kraliçə Annanın vəfatından sonra?! – Bu barədə tarix bir şey göstərmir. Ancaq bunu deyə bilərəm ki, siyasət işləri babamın xoşuna gəlmədiyindən istefaya çıxmış və ildə 500 lirə maaşla yaşamışdır. Babamın siyasət barəsində müəyyən bir fikri var. Hazırda onun Montan və Halikas tərəflərində minlərcə müridləri və tərəfdarları vardır. Ester bu sözləri dinləməkdən yorulmuşdu, o, nə qədər yaxasını qurtarmaq istəsə də kapitan Stoks onu buraxmayaraq: – Mərhum babamın Stel və Konfra ilə münasibət və söhbətləri vardı. Nəhayət, mərhum babamız Varvik şahzadələrindən biri ilə evlənmiş, lakin bu izdivacı başa çatdıra bilməmişdir. Ester gülərək: – Demək ki, familiyanız izdivacdan xoşbəxt olmayan bir familiya imiş—dedikdə, kapitan Stoks sakit duraraq əllərini ovuşdurdu. Hələ kapitan Stoks Esterdən uzaqlaşmadan kapitan Kuper irəli gəlib: – Xanımçığaz bir daha əlini sıxmağa icazə verəcəkdirmi?!—deyərək əlini uzatdı. Ester dedi: – İcazə verirəm! Kapitan Kuper onun əlini sıxıb, öz familiyasından söhbət açmağa başladı: – Zatən Adlor familiyası İngiltərədə birinci familiyadır ki, onunla minlərcə nəcib ingilislər fəxr edirlər. Bizim babamız Adlor İngiltərənin on ikinci əsrdə yetişmiş alimlərindəndir. O, Sent-b-Nua təriqətinə mənsub olan birinci alimdir ki, ərəb dilinə aşina olmaqla, riyaziyyat və heyət elminə aid bir çox əsərləri ərəbcədən ingiliscəyə tərcümə etmişdir. Bu kitabların biri də, Ukldın «Məbadi» kitabıdır ki, o vaxta qədər yunançası aşkarda yox idi. Babamızın «təbiyyat məsələləri» barəsində də mühüm əsəri vardır. Bu familiya sizi razı salırsa, mən də sizinlə tanış olmaqda özümü bəxtiyar hesab edərdim. Ester dedi: – Şübhəsiz ki, mən də yüksək familiyalı bir zatla tanış olduğum üçün yüksələcəyəm! – Buna heç şübhə yoxdur. Kapitan Kuper öz nəcabəti haqqında danışıb qurtarmadan, ingilis zabitlərindən Anneta əlini onun çiyninə qoyaraq dedi: – Xanımla tanış olmaq üçün bizə də növbə çatacaqmı? Bu sözdən sonra Kuper Esterlə vidalaşaraq: – Hələlik!—dedi və yerini Annetaya verdi. Anneta belə başladı: – Siz indi, İngiltərəni öz əsərlərilə işıqlandıran və tarixdə unudulmaz bir xatirə qoyan Volter-Skott familiyasının ən gənc və şair ruhlu bir üzvü ilə tanış olursunuz. Bizim babamız Skoçyalıdır. Məşhur şair və hekayəçi idi. 1771-ci ildə Edimburqda doğulub 1832-də vəfat etmişdir. Mərhum öz əsərində Skoçyanın əski nəğliyyatını nəzmə çəkərək şöhrətə nail olmuşdur. Anneta sözünü bitirə bilmədi çünki general Denster-Vilin xüsusi katibi onu generalın yanına çağırdı. Ester sevindi, yerindən qalxıb salonu gəzmək istərkən, mayor Buniskin onun qolundan tutaraq soruşdu: – Əcəba, sizə ingilislərin müsahibliyi xoş gəlirmi? Ester dedi: – Nə üçün də xoş gəlməsin! – Elə isə mən sizə, İngiltərədə məşhur bir familiyadan danışacağam. Siz, məşhur Sibtorpun nəvəsi mayor Buniskin ilə tanış olursunuz! Bunu deyərək Esterin əlini sıxdı. – Çox şadam! Bu gün mən İngiltərənin məşhur alim və şairlərinin adlarını eşitmək və onların möhtərəm nəvələrilə tanış olmaqla məmnunam. – Babamız İngiltərənin məşhur təbiyyatçılarındandır, özü də 1758-ci ildə Oksfordda doğulmuşdur. Aralıq dənizi adalarında Yunanıstan və Osmanlı məmləkətlərində bir çox səyahətlər etmişdir. Nəbatat elminə aid İngiltərə ali məktəblərinə bir çox qiymətli kitablar verə bilmişdir. Ziyafət bitincəyə qədər, burada iştirak edən ingilis zabitləri Esterlə tanış olaraq, tarixdən bildikləri məşhur familiyalardan hərəsi birini mənimsədi. Birisi özünü Lord-Con-Kont, o birisi İngiltərədə norman xanədanına mənsub Eduard, üçüncüsü məşhur təbiyyatçı Eduard və sairlərinə nisbət verməklə Esterin ruhunu qaşıyırdı. Ester yoruldu, birindən qurtarıb başqasının əlinə düşürdü. Bu sırada miralay Keyvort, bir neçə dəfə o tərəfə-bu tərəfə ötərək Esterə yaxın gəlmək istədisə də fürsət tapa bilmədi. Araratyan ingilis zabitlərilə bərabər Bakıya gəlmək üçün gəmiyə oturduqda, general Denster-Vilin yaveri miralay Sonders generalın məktubunu Araratyana verdi. Ester gəmi salonunda miralay Keyvortla söhbət etdiyi zaman, Araratyan da məktubu oxuyurdu: «Qazyan, 7 avqust 1918-ci il. Möhtərəm doktor Araratyan! Sizdə şübhə oyanmasın deyə mən dünənki söhbətimizi yazılı şəkildə sizə verməyi lazım bildim. Sizin ricalarınız aşağıda göstərilən üç məsələdən ibarətdir. Bakının müdafiəsi; Yerevandakı ermənilərin vəziyyəti; Culfa ermənilər haqqında. Sizin birinci tələbinizə mən aşağıdakı cavabı verirəm: Bakının müdafiəsi bizim üçün çətin deyildir. Düşmənin Bakını alması ehtimalı da azdır. Lakin Bakı əhalisinin bizə kömək verməsi də birinci şərtlərdəndir. Bakı əhalisi və hökumət bizim bütün qərarlarımızı həyata keçirməklə düşmənin qarşısını almalıdır. Yalnız əhalinin köməyi kifayət deyildir. Onlar bizimlə bərabər düşmən cəbhələrinə hücum etməli və şəhərdən kənara çıxıb düşmənlə üz-üzə vuruşmalıdırlar. Xüsusən bu məsələ bizi müdafiə edən və əhalinin mühüm hissəsini təşkil edən erməni xalqına da aiddir. Doğru işləməyi bacaran hərbi təşkilatın yoxluğu, sizin əskəri qüvvənizin və bacarığınızın mühüm bir hissəsini hədərə vermişdir. Mən bu nöqsanları ləğv etmək üçün zabitlər göndərəcəyəm. Bakı müdafiəsini yalnız ingilislərin öhdəsinə də qoymaq olmaz. Siz bilirsiniz ki, ingilis hərbi qüvvələri dağınıq haldadır. Onlar Bağdaddan Bakıya qədər geniş məsafəni işğal edir. Dəmiryolu olmadığından mərkəzdən yardım almaq da çətindir. Bakıdakı qüvvəmizi müdafiə işi də olduqca mürəkkəbdir. Hər halda sizi inandırıram ki, Bakını müdafiə üçün lazım olan qoşun göndəriləcəkdir. Qələbənin təmini, sizin yoldaşların Bakı müdafiəsi işini ingilislərlə bərabər öhdələrinə götürməsindən asılıdır. Siz bu barədə yoldaşlarınızdan arxayın deyilsinizsə və axıra qədər vuruşa bilməyəcəksinizsə, bunu mənə əvvəldən xəbər verməlisiniz. Onda mən düşmənlə bir növ sazişə girişməyinizi məsləhət görərdim. Mənə də öz qoşunlarımı Bakıdan çıxarmaq üçün vaxt verərdiniz. 2-ci məsələ: Yerevanda ələ gətiriləcək hərbi vəsaitin müttəfiqlərin istifadəsinə qabil olmaması məsələsidir. Mən bu barədə yaxın zamanda kömək edəcəyimizə vəd edə bilmərəm. Bu sözlərim üçüncü məsələyə də aiddir. Çünki ermənilər yaşayan rayonlar da ingilislərin hərəkət məntəqəsinə yaxın deyildir. Mən bunları yazıram ki, sonradan bizim vəd edib əməl etmədiyimizi söyləməsinlər. Hər halda müttəfiqlərdən birinin qələbəsi şübhəsizdir. Bunun nəticəsində də Ermənistan bərpa ediləcəkdir. Bu qələbə, sizin qaranlıq həyatınızın yoluna işıq saçan ulduz məqamını kəsb edəcəkdir». Araratyan məktubdan razı qalmadı. Lakin son cümlələr, qismən xoşuna gəlirdi. Buna görə də bu cümləni təkrar oxudu: «Hər halda sizi inandırıram ki, Bakını müdafiə üçün lazım olan qoşun göndəriləcəkdir». Doktor bu cümləni oxuduqdan sonra: – Nə olursa-olsun,—dedi,—bu tarixi bir məktubdur. Bunu Böyük Britaniyanın məsul bir generalı yazır. Məktubu çox səliqə ilə büküb qoynuna qoydu və ətrafına baxdıqda Esterlə Keyvortun şirin söhbətdə olduğunu görüb sevindi. Qızının ingilis miralayı ilə olan söhbətinə geniş imkan vermək üçün qalxdı, barmaqları ucunda yeriyib getdi. Keyvort özünü Esterə sevdirmək və onu aldatmaq üçün öz familiyasının şöhrəti haqqında uzun bir dastan başlamışdı, o əvvəlcə başqa yoldaşları kimi ermənilərdən söhbətə başladı: – Doğrudan da biz Bakıya, əsasən erməni xalqına nicat vermək üçün gedirik. Əlbəttə, mənim bunu deməyim münasib olmasa da, sizdən gizlətməməliyəm. Bu barədə kralın generala xüsusi əmri var. Əmrnamədə kral həzrətləri ermənilərlə dostluğu xüsusi qeyd etmişdir. Bu səfərdə bizim əsas vəzifəmiz, erməniləri müdafiə və onların istiqlaliyyətini bərpa etməkdir. Eyni zamanda biz Böyük Britaniyanın əsrlərdən bəri bəslədiyi bir arzunu həyata keçirmək üçün Bakıya gedirik. Mənim hər iki məqsədə xidmət üçün bu səfərdə iştirak etməyim, familiyamızın tarixi iftixarını bir daha artıracaq və ona əzəmətlər verəcəkdir. Familiyamız bütün İngiltərədə məşhurdur. Hazırda yüzlərcə vicdanlı, namuslu, ingilis dünyada ən nəcib olan Keyvort familiyasına mənsub olmaqla fəxr edir. Zatən bu familiya, bütün İngiltərə xalqının iftixar etdiyi bir familiyadır. Ester miralayın uzun danışdığını görüb, onun ingilis qürurunu qısaltmaq üçün sual verdi: – Cənab miralay İngiltərənin hansı məmləkətindəndir? Miralay yeni bir dastan başladı və Esterə sual verdi: – Siz məktəbdə təbiyyat dərsi keçirmisiniz? – Əlbəttə keçirik. – İngiltərənin təbiyyatçıları tərəfindən yazılmış əsərləri məktəblərinizdə keçmirlərmi? – Xeyr! Keçsələr də xatirimdə deyildir. – Böyük səhvdir. İngiltərənin əski dostu olan bir millət ingilis təbiyyatşunaslarını tanımırsa və onların əsərlərini məktəblərində oxutmursa tarixi bir səhv edir. – Doğrudur! Bilmirəm nə üçün dərs kitabları düzəldilən zaman bu qədər böyük və tarixi bir səhv buraxılmışdır. Mən bunu cib dəftərimə qeyd edəcək və atama söyləyəcəyəm. Gələn dərs ili erməni uşaqları ingilis təbiyyatşunaslarının əsərlərini oxumalıdırlar. Ester bunu deyərək redikulundan kiçik xatirat dəftərini çıxarıb yazdı. «Gələn dərs ilində ingilis təbiyyatşunaslarının əsərləri məcburi olaraq məktəblərdə keçirilməlidir». Ester bununla da miralay Keyvortun söhbəti bitirəcəyini düşünürdü. Lakin miralay sözə başladı: – Bəli, familiyamız haqqında sizə bir az məlumat verməliyəm. Familiyamız İngiltərənin məşhur təbiiyyatşunaslarından Banks cənablarına mənsubdur. Özümüz Londonluyuq. Babamız Banks 1768-ci ildə dövrüaləm səyahətinə gedən kapitan Korkla yoldaş olub dünyanın çox yerlərini səyahət etmişdir. Möhtərəm babamız gəzdiyi ölkələrin coğrafi vəziyyətinə dair bir çox əsərlər yaratmışdır. Hazırda İngiltərədə heç bir kitabxana yoxdur ki, Banksın əsərindən beş-on cild tapılmasın. Mərhum babamız səyahətdən sonra öz əsərləri ilə məşhur olaraq elmi və fənni cəmiyyətlərin təqdirinə nail olmuş və nəticədə London fənni cəmiyyətinin sədrliyinə təyin edilmişdi. Bu qədər böyük bir şərəfdən sonra mərhum babamız kralın diqqətini cəlb edir və bir az sonra kralın xüsusi müşaviri təyin edilir və üçüncü Jorjun hörmətinə nail olur. Babamız mərhum olduğu zaman təbiyyat məsələlərinə aid minlərcə cild kitablarını London müzeyinə vəqf etmişdir. Böyük Okeandakı məşhur adalar mərhumun adı ilə adlanmışdır. Ənzəlidən Bakıya gələnə qədər Ester yaxasını Keyvortdan qurtara bilmədi. Səhər çay içəndə, naharda, şam süfrəsində o Esterə öz babalarından və öz böyüklüyündən söhbət açdı. * * * XXIII. Yeni hökumətin siması «Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir. Tiq-Çonson Bakı, 8 avqust, 1918-ci il». İngilis siyasi nümayəndəsi Tiq-Çonson avqustun 8-də birləşmiş iclasda iştirak üçün Mərkəzi Kaspi Diktaturası divani-rəyasətindən dəvətnamə alırkən, uzun danışıqları, vaxtı alacaq deklarasiyaları, dövlətin iş proqraması haqqında uzun-uzadı tezislərin elan edilməsini məsləhət görməmişdi. Tiq-Çonson verdiyi cavabda, iclasın Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr olunmasını «tövsiyə» şəklində Mərkəzi Kaspi Diktaturasına əmr etmişdi. Buna görə də hökumətin ingilislərlə birlikdə çağırdığı birləşmiş iclas çox da uzun çəkmədi. Divani-rəyasət üzvləri, iclasın vaxtına bir saat qalmış salona toplanıb ingilis ağalarını gözləməkdə idilər. Doktor Araratyan ağaların gəlmək xəbərini gətirdi. O, «ağalar gəlir!» — deyə salona girdikdə iclasdakı adamlarda böyük bir həyəcan başlandı; hər kəs ingilislərə görünmək üçün yaxın stullarda yer tutmağa tələsdi. İlk əvvəl Tiq-Çonson, şahzadə Bahadır xan, Leyla xanım, miralay Keyvort, Ester, miralay Sonders və bir neçə kiçik zabit salona girdi. İngilislər hələ özlərinə təyin edilmiş fəxri yerlərdə əyləşmədən, salonu və salondakıları gözdən keçirdilər, iclasdakılar da ayaq üstə dayanıb oturmaq üçün ağalardan icazə gözləyirdilər. Nəhayət, Tiq-Çonson əli ilə işarə verdi ki, «əyləşin!» Diktatura üzvləri baş əyib oturdular. Bu fürsətdən istifadə ilə Sadovski, Ayolloya macal vermədən divani-rəyasətin mərkəzdəki stulunu işğal etdi. Bahadır xan, miralay Keyvort, Tiq-Çonson və Ester yan-yana oturmuşdu. Hər kəs yerini tutdu. Hər kəs iclasın açılmasını gözləyirdi. Mərkəzi Kaspi Diktaturası üzvləri isə göz vurur, iclasın açılmasını bir-birinin boynuna qoymağa çalışırdılar. Tiq-Çonson dedi: – Cənab Sadovski! Məncə iclası açmaq məsləhətdir. Çünki zabitlərin çoxu cəbhədən çağırılmışdır. Yenə də cəbhəyə getməlidirlər. Sadovski ayağa qalxanda birinci olaraq Leyla xanım onu alqışlamağa başladı. Sonra bütün salondakılar alqışladı. Sadovski dedi: – Ağalar, cənablar, möhtərəm qonaqlar! Avqustun 8-də müttəfiqlərlə birlikdə çağırılan birləşmiş iclası açıq elan etməklə özümüzü bu tarixi şərəflə xoşbəxt hesab edirəm. Mən möhtərəm müttəfiqlərin və möhtərəm ağaların vaxtını almamaq üçün hökumətin iş proqramını çox qısaca elan edəcəyəm. «Yeni hökumətin vəzifəsi, əhalinin həyat və sərvətini müdafiə etmək və Bakını Sovet Rusiyası üçün saxlamaqdan ibarət deyildir. – Yox! Biz öz vəzifəmizi geniş anlayırıq. Artıq Rusiyanın Brest-Litovsk müqaviləsinin əleyhinə mübarizə aparmaq zamanı çatmışdır. Bizim qüvvələrimizin Qərb və İtaliya cəbhələrindəki müttəfiqlərimizin qüvvələri ilə birləşməsi vaxtıdır. Abşeron yarımadasındakı müharibə bizdən ötrü beynəlxalq əhəmiyyəti olan bir məsələdir...» Sadovski çox uzun danışdı. Qısa surətdə elan edəcəyi proqramda, uzun-uzadı yaltaqlıq etdi. Sadovskinin çıxışı ingilislərin arası kəsilməz alqışları ilə qarşılandı və bu «dostluğa» qarşı divani-rəyasət üzvləri bir daha baş əydi. Çıxışda bulunmaq üçün Məlik-Elçiyana söz verildi. O, belə başladı: – Bəzi cənablar qorxaraq dedilər ki, biz ingilisləri Bakıya buraxdıqda, cahan müharibəsinə qarışacağıq, lakin biz bu sözlərə etina etmədik. Biz ingilis, Fransa dövlətləri ilə əlaqəyə girməli və zülmün pəncəsindən qurtarmalıyıq. Tiq-Çonsonun narazı və səbirsiz baxışlarına baxmayaraq, Mərkəzi Kaspi Diktaturası üzvləri bir-bir söz alıb danışdı, eyni yaltaqlıqla təkrar özünü təqdim elədi və Abşeron yarımadasındakı neftin əhəmiyyətini göstərməklə ingilislərin iştahasını coşdurdu. Alış-satış məsələsinə aid bütün söhbətlər bitdi. Cəbhə məsələsindən söz düşdü. Miralay Keyvort ayağa qalxaraq dedi: – Mən dünən bütün vaxtımı hərb cəbhəsini gəzməyə sərf etdim; deməliyəm ki, cəbhələrin hazırkı vəziyyəti qalibiyyətə ümidverici deyildir. Nə səngərlər, nə qazmalar, nə də geriyə çəkilmək üçün yollar öz qaydasındadır. Qoşunların hazırda yerləşdiyi mövqelər və möhkəmlətdiyi cəbhələr də əlverişli deyildir. Nə qiymətə olur-olsun, biz hazırda işğal etdiyimiz mövqedən üç-dörd kilometr irəli getməliyik. İrəli getmək məsələsi isə ancaq yerli qoşunun yenidən təşkili ilə mümkündür. Hərbi materiallar haqqında da danışmaq lazımdır. Onlar lazımi yerinə sərf olunmur. Onları təcili surətdə kontrol altına almaq lazımdır. Mən cəbhəni gəzdiyim vaxt saldatların heç bir yeri hədəf etmədən və düşmənin mövqeyini təyin etmədən havaya güllə atdığını gördüm, səbəbini soruşduqda dedilər: «Qoy düşmən yatmadığımızı və hazır olduğumuzu bilsin». İclasın axırında, Mərkəzi Kaspi Diktaturası hərbi naziri Baqratuni və baş komandan Dukaçiyev bütün tələblərin həyata keçirilməsi üçün söz verdilər. Hökumət üzvləri ingilislərə müraciətlə dedilər ki: – Siz fikirlərinizi yazılı olaraq verin, biz onların hamısını həyata keçirməyə hazırıq. * * * XXIV. Esterin həbs edilməsi Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi. O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü. Ester bolşeviklərin həbsinə və onlara məxsus ləvazimatın müsadirəsinə dair çıxarılan qərar haqqında Vahana məktub yazmağa çalışırdısa da, buna imkan tapa bilmirdi, çünki ingilis miralayı Keyvort bütün boş vaxtlarını Araratyanın evində keçirir və Esterin ətrafından çəkilmirdi. Bu gün Ester fürsətdən istifadə edərək Vahana məktub göndərməyi qət etdi: «Mənim ruhum Vahan! İrandan qayıdandan sonra sənə məktub göndərməyə fürsət olmamışdır. Çünki Hamazasb və Avetisovun əlindən qurtarandan sonra onlardan daha həyasız olan bir ingilis zabitinin əlinə düşmüşəm. Bu həyasız neçə gündən bəri mənim baş-beynimi aparır. Bunun Bakını müdafiə fəaliyyəti — bütün günü mənə eşq elan etmək və İngiltərə krallığında olan bütün şöhrət və əzəməti öz familiyasına çıxmaq istəməsindən ibarətdir. Vahan, mən indi bu fikrə gəlmişəm ki, nə ingilislər, nə də bizim yerli qoşunlar Bakını müdafiə edə biləcəklər. Bakının həqiqi sahibi olan bolşeviklər iş başından gedəndən sonra vəziyyət daha da xarablaşmışdır. Mən sənə səmimi söz verirəm ki, erməni qoşunları birinci ciddi çarpışmada müharibədən boyun qaçıracaq və şəhərə çəkiləcəkdir. Çünki daşnaqlar arasında birlik yoxdur. Onlar bolşeviklərin saxladığı intizam sayəsində yarımçıq birlik düzəldə bilmişdilər. İndi isə hərə bir tərəfə çəkir, bunu daşnaqların öz xüsusi iclaslarında qeyd etdilər. Atam öz arzusuna nail olmayacağından qorxur, çünki ingilislərə ümid bəsləyə bilmir, buna baxmayaraq nə olur-olsun mənimlə ingilis miralayı Keyvortun arasında qırılmaz bir əlaqə yaratmağa çalışır. Vahan, bunu bil ki, mən Keyvorta bağlanan qız deyiləm. Mən, ingilis zabitlərinin yalan dillərinə, boş və şərəfsiz adlarına aldanıb, onlarla tanış olmaq üçün zinətlərini satıb xərc tökən qızlara gülürəm. Çünki ingilislər ingilis olmayan xalqlara yuxarıdan baxır və ingilis olmayanları həqiqi insan hesab etmirlər. Vahan, Allah etməsin, bunlar bizim yerlərin ağası olsalar, buralardan tamamilə çıxıb qaçmaq lazım gələcək. Bunların ədəbsizliyinə dözmək mümkün deyil! Mən bunları yay klubunda şam yeməyində gördüm, şam süfrəsi başında ən çirkin hərəkətlərdə olurlar. Mən iki gün əvvəl faytonda gedərkən, iki nəfər ingilisin tində bir-birilə həyasız əlaqədə olduğunu gördüm. Vahan, indi də bir neçə kəlmə ən mühüm məsələlərdən yazıram. Dünən gecə bolşeviklərin məsələsini həll etmək üçün iclas çağırılmışdı. İclasda, bolşeviklərin Rusiyadan aldıqları şeyləri on üç böyük paroxoda yığıb Rusiyaya aparmaları məsələsi müzakirə edilirdi. Müzakirə nəticəsində, bolşeviklərə Bakıdan paroxodlara oturub dənizə çıxıncaya qədər toxunmamaq və dənizə çıxdıqdan sonra hərbi paroxodları göndərib komissarları həbs və malları müsadirə etmək qət olundu. Onlar bolşevikləri Bakıda həbs etmək və malları müsadirə etməkdə işçilərin üsyanından qorxurlar. Buna görə də dənizdə həbs etmək və işçilərin xəbəri olmadan məsələni bitirmək qərarına gəlmişlər. Vahan, bu yazdıqlarım tamamilə doğrudur, mümkünsə bunu lazımi yerlərə xəbər verməlisən. Hərgah düşmənlər buna müvəffəq olursa, bizim üçün böyük bədbəxtlik üz verəcəkdir...» Ester sonra Raya və Əminə ilə görüş barəsində yazmaq istərkən, qapı açıldı. Araratyan daxil oldu. Ester özünü itirdi. Məktubu gizlətmək istərkən Araratyan onun halından çıxdığını görüb şübhələndi və onun qarşısındakı məktubu götürdü. Araratyan məktubun yarısını oxumamış barıt anbarı kimi alışdı, qışqırdı: – Mənim qızım bolşevik? Mənim qızım mənim düşmənim? Araratyan bunu deyərək qızın saçlarından tutdu və əyib çarpayının üstünə atdı. Var gücü ilə onu silkələyib döyməyə və söyüb təhqir etməyə başladı: – Söylə mənə o haramzada Vahanın adresini! Söylə deyirəm! Söylə, bu saatda verim ingilislər onu güllələsin! Ester başını qaldırıb dedi: – Bilmirəm! Bilsəm də deməyəcəyəm! Araratyan yenə də döyməkdə davam edib dedi: – Sən də anan kimi nanəcibsən. Mən onu nə qədər tərbiyə etdimsə, yenə də öz nanəcib xasiyyətini dəyişmədi. Kəndliləri müdafiə etdi. Sən də anan kimi nanəciblərin nanəcibisən. Anan cəhənnəm olub mənim başımdan rədd oldu, indi də sən mənim rüsvay olmağıma çalışırsan? Vahan kimdir? O, cındır paltar, kirli pasaxlı bir kəndli dığası deyilmi?! Mən onu da məhv edərəm, səni də! Mən səni adam etmək istəyirəm, sənsə heyvan olmağa çalışırsan. Sən məni Bakıda üç qəpiklik bir adam etməyə çalışırsan. De görüm! De!.. Haradadır o haramzada? Neçə illərdir ki, sənin əxlaqını pozmağa çalışır, bilmirəm lütün birisi mənim ailəmdən nə istəyir? De görüm! – Deməyəcəyəm! – Sən bu məktubu nə vasitə ilə göndərəcəkdin? – O mənim öz işimdir! – Hərgah söyləməsən bolşeviklər həbs edilənə qədər səni azad buraxmayacağam. Sən ağzını o yerə yetirmisən, nəcib ingilislər haqqında elə ədəbsiz sözlər yazırsan? – Yazdıqlarım yalandırmı? Sənin özünlə faytonda gedərkən tində, xalqın gözü qabağında iki ingilis saldatının hərəkətini görmədikmi? Klubda da əxlaqsız hərəkətlər edib gülmürdülərmi? – Mən sənə xəbər verirəm: ingilislər nə olur-olsun sən miralay Keyvortla yaşamalısan. Belə olmazsa səni bir daşnaq gədəsi vasitəsilə məhv etdirəcəyəm. Sən nə olursan ol, yenə də xalq səni mənim qızım kimi tanımaqdadır. Ester dağınıq saçlı başını qaldırıb dedi: – Keyvortla sən özün yaşa! Sən özün gündə ərə getməyi öyrənmisən. Hazırda bir əlin ingilislərin, o biri əlin türklərin ətəyində olduğu halda dişlərinlə də «müsavatın» quyruğundan tutmusan. Halbuki, bir neçə ay əvvəl müsavatçılar və siz minlərcə erməni və türk kəndlisini qanına boyadınız. Çəkil gözümdən, əli qanlı həyasız! Sən mənim atam deyilsən, sən mənim namusumu satmağa çalışan həyasız, vicdansız bir tacirsən, ver məni öldürsünlər! Sənə də, sənin əməkdaşlıq etdiyin daşnaqlara da lənət, sənin barışmaq istədiyin «müsavata» da lənət! Mənsə Vahanı, Vahanın mənsub olduğu bolşevikləri sevirəm! Bir daha mənə əlini qaldırsan şamdanla vurub başını yararam! Araratyan bu sözləri eşitdikdə dedi: – Tfu, sənin zatına lənət! Sən daha eşiyə buraxılmayacaqsan! O, çıxdı və qapını eşikdən bağladı. * * * XXV. Bolşeviklər Həştərxana gedir «Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam. Petrov 12 avqust, 1918-ci il. Leyla xanım telefonda Türkiyə əks-kəşfiyyatı bürosu ilə danışırdı: – Hacı Zeynalabdin cənablarının evidir... Bəli... xaricdə nömrə 11, daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55... Dolmabağça 16... dinləyin, şifahi nömrə 2. Bu gün bolşeviklər Bakını tərk edir. Onlar Sovet hökumətinə məxsus olan bütün qiymətli şeyləri və hərbi ləvazimatı toplayaraq on üç paroxoda yükləmişlər. Mərkəzi Kaspi Diktaturasının etirazına baxmayaraq, Moskvadan Sovet hökumətinin göndərdiyi bütün şeyləri, Şaumyan özü ilə aparır. Şeylərin burada qalması və Bakını işğal edəndən sonra hökumətimizin əlinə keçməsi ən mühüm qələbələrdəndir. Buna görə də mən miralay Keyvort və Bahadır xanla danışdım. Radio vasitəsilə general ilə də danışıldı. Bolşeviklərin həbs və hərbi ləvazimatın müsadirə edilməsi qərara alındı. Hər halda hərbi ləvazimatın və başqa vəsaitin əlimizə keçəcəyi şübhəsizdir. Cəbhədə də işlərimiz yaxşıdır. Mühüm rol oynamaqda olan Petrovun hərbi qüvvələri cəbhəni buraxıb Rusiyaya çəkilir, ingilislərlə Mərkəzi Kaspi Diktaturası Petrovu saxlayaraq Türkiyə əleyhinə istifadə etmək istəyirdi. Bu gün Petrov onlara rəsmi yazmışdı: «Mən İngiltərə imperializmi ilə birləşib, Almaniya imperializminə qarşı müharibə etmərəm». Bu sözlər eynilə Petrovun ağzından çıxan və hökumətə rəsmi surətdə yazılan sözlərdir. İndi artıq Bakının müdafiəsi, başıpozuq, ruhu düşkün Bakı qoşunu ilə ingilis təlimatçılarının öhdəsinə qalır. Bu gün yerli qoşunun vəziyyətini və qüvvəsinin nədən ibarət olduğunu göstərən rəqəmləri miralay Keyvort, kapitan Stoks və Bahadır xan müzakirə etdilər və öz mülahizələrini bütün məlumatla bərabər Ənzəlidə, general Denster-Vilə göndərdilər. Həmin məlumatın surəti qarşımdadır. Dinləyin, telefonda oxuyuram. «İngilislərin gətirdiyi tüfənklərdən başqa yerli qoşunun əlində 6 min tüfənk vardır. Bütün yerli qüvvə 22 batalyona təqsim edilmişdir. Onların hər birində 150-dən 500-ə qədər adam vardır. Cəbhəni müdafiə qüvvəsi olduqca zəifdir. Tikanlı məftil qətiyyən yoxdur. Cəbhənin sol qanadında ingilis Şimali Stafford alayının bir hissəsi yerləşmişdir. Bu hissə olduqca zəifdir, sayı 100 nəfərdən artıq deyildir. Şimali Stafford alayının bir hissəsi də cəbhənin mərkəzinə yaxın olan mövqelərdədir. Bunlar da sol qanadda yerləşən qüvvənin miqdarından artıq deyillər. Bu hissələrin ən zəif cəhəti burasındadır ki, onları əvəz edəcək qüvvə çatmır. Cəbhəni bir neçə kərə özbaşına buraxıb gedən iki yerli batalyon vardır. Bu günkü müzakirədə, sol cəbhədə mütləq məftil hasar çəkilməsi qərara alınmışdır. İngilislər, hərbi plan üzrə hazırkı cəbhəni Türkiyə ordusu əlində olan mövqelər hesabına irəli aparmaq istəyirlər. Çünki Türkiyə ordusunun işğal etdiyi cəbhə dəyişilmədiyi təqdirdə Türkiyə topları doku limanda duran paroxodları, hətta «Yevropa» və «Metropol» otelində yerləşən ingilis ərkani-hərbini döyməyə müvəffəq olacaqdır. İngilislərin çəkdiyi hərbi plan qarşımdadır. Onu sabah göndərəcəyəm. Bu plan üzrə cəbhəni üç-dörd kilometr irəli atmaq üçün başlanan hücum, şəhərin qərb tərəfindən başlanmalıdır. Bu hücumu müvəffəqiyyətlə aparmaq üçün yerli qoşunu yenidən təşkil etmək layihəsi hazırlamağa başlamışlar. Bu layihəni həyata keçirmək üçün miralay Keyvort Ənzəlidə ingilis missiyası rəisi general Denster-Vilə müraciətlə miralay Uordenin və bir neçə kiçik rütbəli zabitin göndərilməsini rica etmişdir. Yeni gördüyümüz işlərin ən mühümü yerli qoşun arasında apardığımız təşviqatdan ibarətdir; bu təşviqat nəticəsində yerli qoşun hissələri kütləvi surətdə istirahət tələb edir. Yerli qoşunu yenidən təşkil işində əsas maneələrdən biri də qoşunun istirahət tələbindən ibarətdir. Bu təşəbbüs nəticəsində sol qanaddakı ingilis Stafford alayının yüz nəfərlik hissəsi ehtiyatsız qalmış olacaqdır. Bundan da əlavə Stafford alayının vəziyyəti ümidsizdir. Çünki bunun ehtiyatı olan yerli qoşun çox uzaqda yerləşdirilmişdir. Palçıq vulkanı hissəsindəki cəbhəni, Stafford alayının «D» bölüyü müdafiə edir. Bahadır xanın mənə dediyinə görə, bu bölüyün komandanı kapitan Sparro hərbi biliyi olmayan mətanətsiz və zəif bir adamdır. Bahadır xan cəbhənin belə vəziyyətindən olduqca rahatsızdır. Onun fikrincə Bakının taleyini Palçıq vulkanı cəbhəsi həll edəcəkdir. Buna görə də oranı möhkəmlətmək üçün bu gecə saat dörddə şahzadə Bahadır xanın özü də müxtəsər ləvazimatla Palçıq vulkanı cəbhəsinə gedəcək və sabahdan müharibədə iştirak edəcəkdir. Bunu da təkrar etmək istəyirəm ki, o tərəflərdə yerləşən ingilis qoşununun ehtiyatını təşkil edən iki yerli batalyon hazırda Biləcəri ətrafındadır. Lakin daşnaq rəhbərlərinin gizli iclasından alınmış yazılı məlumata görə bu qoşun, müharibədə iştirak etməyəcəkdir. Şəhər içərisində ingilislərin iki yüz nəfərdən artıq ehtiyat qüvvəsi yoxdur. Şəhər içərisində iş görmək üçün canlı qüvvəyə böyük ehtiyacımız var. Burada «müsavat» üzvlərindən, təşviqat üçün yarayan və camaat arasında işləməyi bacaran təşkilatçı adamlar çox azdır. İngilislər gəldikdən sonra bolşeviklərin iş başından çəkilməsilə də Bakıda vəziyyət dəyişməmişdir. «Müsavat» partiyası üzvləri və mart hadisəsində məğlub olub çəkilənlər hələ şəhərə gəlməmişlər. Yerli üsyan məsələsi əvvəlki kimi bir xəyal olaraq qalır. Mart üsyanında məğlub olan müsəlman varlıları ikinci bir üsyana cəsarət etmirlər. İngilislərin şəhərə gəlməsi də bu fikri söndürməkdədir. Erməni milli sovetinin üzvü doktor Araratyan üçüncü kərə Ənzəliyə, ingilislərin yanına gedib qayıtdı. Araratyan ingilislərə üç maddəlik bir tələbat vermişdi. Onlardan biri Yerevan ermənilərinin vəziyyəti məsələsi idi. Araratyan Yerevandan güclü hərbi ləvazimat olduğunu göstərməklə ingilislərin diqqətini cəlb etmək istəmişdir. Buna cavab olaraq ingilis generalı, o ləvazimatın müttəfiqlərin istifadəsinə yaramadığını göstərmiş və Yerevan məsələsindən boyun qaçırmışdır. Bir tələb də, Culfa ermənilərinin İngiltərə tərəfindən müdafiəsidir. General bu tələbatı da rədd etmişdir. Çünki Culfa ingilislər işğal edən yerlərdən çox uzaqdır. Həm də o tərəflərdə İngiltərə kapitalistlərinə lazım olan bir şey yoxdur. Üçüncü tələb, Bakının müdafiə məsələsindən ibarət idi, buna qarşı da general müsbət bir cavab verməmişdir. O, müdafiə işlərini Bakıdan yerli qoşunun öhdəsində qoymuş və təlimatçılar göndərəcəyini qeyd etmişdir. General bütün tələblərə cavab olaraq Araratyana məktub yazmışdır. Hələlik məktubu ələ gətirmək mümkün olmadı. Bu gün diktatura üzvlərindən Sadovski haman məktubun surətini Araratyandan alıb mənə verməyi öhdəsinə götürdü. Ayın 8-də yerli hökumətlə ingilislərin birləşmiş iclası oldu. İclasda danışılan məsələlərin stenoqramını almışam, sabahkı məlumatla göndərəcəyəm». * * * XXVI. «Üçüncü Bahadır şah» Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər. Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi. Hacının millətpərəstlik pərdəsi altında apardığı şəxsi siyasəti bu ziyafət əsnasında daha artıq gözə çarpdı. Hacı «millətin babası» olduğunu, öz böyüklüyünü isbata çalışırdı. Burada iştirak edən və bu kimi ziyafətlərdə sirk heyvanları kimi əzbərlədikləri eyni və yeknəsəq sözləri deməyə məmur olan beş-on nəfər qarınqulu, yenə də yalaqçasına «hacı baba», «millətin istinadgahı», «müsəlman millətinin şərəfi», «səbəbi-iftixarımız» və sair bu kimi ləqəbləri hər söz başı deməklə hacını tanıtmağa və Bahadır xanın nəzərində böyütməyə çalışırdılar. Bahadır xan bu sözləri çox diqqətlə dinləyərək, hacının bu ziyafətdən məqsədini anlamamış deyildi. Bahadır xan İngiltərə imperialistlərinin, İran, Qafqaz və Orta Asiya haqqındakı planlarından bəzi parçalar söylədi. İttihadi-islam və «müsavat» partiyası rəhbərləri öz fikirlərini söyləmədən, hacı cənabları sözə başladı. Hacı öz çıxışında, indi öz sərvətinə səngər qayırmağa, dini müdafiə naminə öz sərvətinin müdafiəsinə qalxışmağa başladı. Hacının çıxışı müstəmləkə mühitində bəslənmiş, ətinə və qanına qədər ingilisləşmiş Bahadır xanın ruhunu oxşadı. Ziyafət bitən kimi şəhərə qayıtmaq lazım idi. Çünki gecə saat dörddə şahzadə Bahadır xan Palçıq vulkanı cəbhəsinə gedəcəkdi. Onlar axşam saat birə on dəqiqə işləmiş şəhərdə Hacı Zeynalabdin Tağıyevin balkonunda oturub müharibənin gedişi haqqında danışırdılar. Leyla onun əlini əlinə alıb dedi: – Doğrusu, mən sənin bu müharibədə iştirak etməyinə tərəfdar deyiləm, çünki müharibə kar və amansız bir şeydir. O, nə sevgi diləklərini dinləyə bilir, nə də iki sevilinin düşüncələrini duya bilir. Müharibənin ən rəhmsiz tərəflərindən biri də budur ki, o daima gəncləri və gənc arzuları məhv edir. Müharibə nə vəziyyətlə, nə də ona yalvaranlarla hesablaşır. Doğrusu, mən türklərin Bakını silah gücünə işğal etməsindən qorxuram. Sənin başına bir iş gələcəyini düşünərək titrəyirəm. Bahadır xan Leyla xanımın əlini sığallayaraq dedi: – Mənim ruhum, sən boş yerə bu müharibədən qorxursan, bu müharibə mənim taxt-tacımı möhkəmlədən bir müharibədir. Mən buradan zəfərlə qayıdacağam. Londonda kral həzrətlərinin əlini öpüb məmləkətimə qayıdacağam. Atam qocaldığı üçün hökuməti mən idarə etməyə başlayacağam. Leyla nazlanaraq məhzun bir səslə danışdı: – Səni müharibəyə buraxmayacağam! İndi ki, sənin taxtın, tacın, səltənət və həşəmətin vardır, bu qorxulu vəzifəni birdəfəlik buraxa bilməzmi idin?! – Gözəl mələyim, Hindistanda belə bir adət var: böyük hökmdarların vəliəhdi, İngiltərə kralının ailəsindən sayılır. O, kral ailəsi üzvləri ilə bərabər Londonda tərbiyə olunur. Kral xanədanının nəzarəti altında təhsilini bitirdikdən sonra kralın yaveri olaraq orduda xidmətə götürülür. Xidmətdə özünü göstərdikdən sonra kral onu vəliəhd təsdiq etmək ölkəni idarə üçün Hindistana göndərir. Mənim ruhum! Mənim atamın səltənət sürdüyü Dehli ölkəsi Hindistanda ən böyük və ən məhsuldar yerdir... Bizim babamız İkinci Əkbər şahdır; 1221-ci ildə taxti-səltənətə oturmuş və 22 il hakimiyyət sürdükdən sonra vəfat etmiş və babamız Bahadır şahın məşhur məqbərəsində dəfn edilmişdir. Bundan sonra mənim babam ikinci Bahadır xan, ikinci Bahadır şah adı ilə taxta oturmuşdur. Hazırda Dehli taxtı atam üçüncü Əkbər şahın əlindədir. Atam qocalmışdır. Bu ilin yanvarında krala müraciətlə ölkəni idarədən aciz olduğunu göstərməklə mənim qayıtmağımı rica etmişdir. Kral isə bu səfərdən sonra qayıtmağıma və taxt-tac qəbul etməyimə icazə vermişdir. Mən tez bir zamanda üçüncü Bahadır şah adı ilə Dehli tac-taxtını qəbul edəcəyəm. Mənim gözəl və sevimli dostum! Hər şey öz yerindədir. Ancaq sənin bir kəlmə «razıyam» deməyin lazımdır. Leyla heyrətlə ona baxaraq dedi: – Əcəba, sən nə kimi razılıq istəyirsən? Əlim sənin ovcunda deyilmi? Əcəba, bu qəlb sənin qəlbinlə bir çırpınmırmı? – Bakıda islam çoxdur. Zənnimcə, bizim izdivacımızın burada hacının əli ilə baş tutması daha əlverişlidir. İzdivacımızın burada baş tutmasının bir əhəmiyyəti də bundadır ki, biz atamı əmri-vaqe qarşısında qoya bilərik. Leyla sual verdi: – Sən hansı əmri-vaqe haqqında danışırsan?! – Hindistanda belə bir adət var. Hökmdarların vəliəhdi, hökmdar qızlarına evlənməlidir. Mən isə çoxdan belə çürük adətləri pozmaq istəyirəm. Hərgah biz burada evlənib Londona getsək, Londondan kralın icazəsi ilə Hindistana qayıdarıq. Bahadır xanın bu sözlərində, Leyla xanım vəziyyətini dəyişməyərək dedi: – Mən heç də buna e'tiraz etmirəm! Gec-tez bu izdivac baş tutmalıdır. Lakin bu barədə tələsməyimiz lüzumsuzdur. Əvvələn, mənim əmim Nurəddin yaxınlarda ölmüşdür. İkinci də, mənim qardaşım yerində olan doktor Yusifidis burada yoxdur. Bir də, sən hələlik cəbhəyə gedirsən. – E'tirazım yoxdur. Mən sənin əski fikrində qaldığını yəqin edə bilsəydim öz vəzifəmi gözəlcəsinə bitirər, dediyin vaxta qədər də tələsməzdim. Leyla qəti dedi: – Mən sənə verdiyim sözə sadiqəm! Sözümü heç bir zaman geri götürməyəcəyəm. Səninlə Hindistana gedəcəyimə əmin ola bilərsən. Bu sözdə Bahadır xan Leyla xanımın əlini öpdü. Gecə saat dördün yarısı idi. Hacının qapısında bir minik, iki yük maşını dayandı; minik maşınında şahzadə Bahadır xan əyləşdi; yük maşınlarında da 40 nəfər ingilis saldatı oturdu. Şahzadə son dəfə Leyla ilə vidalaşıb cəbhəyə getdi. Gecə saat dördə beş dəqiqə qalmış hacının evi ilə cəbhə arasındakı telefon rabitəsi düzəlmişdi. Leyla xanım yenə adəti üzrə aparat başında oturub, Türkiyə əks-kəşfiyyatı ilə danışırdı: «Hacı Zeynalabdin Tağıyevin evidir... Bəli... xaricdə nömrə 11, daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55... Dolmabaça 16... dinləyin! Şifahi nömrə 3. Saat dördə on beş dəqiqə qalmış şahzadə Bahadır xan bir minik, iki də yük maşını ilə Palçıq vulkanı cəbhəsinə yola düşdü. Şimali Stafford alayından 40 nəfər saldat və beş də pulemyot apardı. 26 Komissarlar həbsə alınmış və aparmaq istədikləri ləvazimat müsadirə edilmişdir». * * * XXVII. «General Denster-Vil gəlir» İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı. Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi. Ənzəlidə oturan Denster-Vil öz ərkani-hərbinin Bakıya köçürülməsini faydasız bilsə də, bir neçə gündən sonra ricət edəcəyini yəqin etsə də, yenə Bakıya köçməyə və vəziyyəti yaxından öyrənməyə məcbur idi. Çünki avqust ayının 16-da Bağdaddan və 17-sində Londondan aldığı təcili telegramlarda, onun Bakıya köçməsi və Bakıda ingilis qoşununa şəxsən komanda etməsi tapşırılırdı. General Bakıya köçmək üçün ən böyük sürətə malik olan «Prezident Kryuker» gəmisini seçmişdi. Denster-Vili Bakıya gətirən gəmi, avqustun 18-də, axşam saat 18-də Nargin adasına yaxınlaşırdı. General Bakını dənizdən seyr etmək üçün gəmini yavaş sürməyi əmr etmişdi. Həris ingilis generalı, gəminin göyərtəsində Bibiheybətdə görünən buruqları udmaq və neft kralı Deterdinqə hədiyyə aparmağın mümkün olub-olmadığı haqqında düşünürdü. General əlindəki foto-aparatla Bayıl-Bibiheybət rayonunun şəklini aldı və yanındakı yaverinə verib dedi: – Çox ehtiyat və səliqə ilə bunların surətini alarsan. Bunlardan bir nüsxə müstəmləkə nazirinə, birini maliyyə nazirinə, üçüncü nüsxəni isə Deterdinq cənablarına göndərərsən. Gəmidəki radio general Denster-Vilin telegramını hava dalğaları vasitəsilə London saraylarına verir və İngiltərə imperializminin illərdən bəri düşündüyü arzuların həyata keçdiyini deyirdi: «18 avqust. Saat 18—12 dəqiqə. İngiltərə bayrağı altında üzən «Prezident Kryuker» gəmisi, Eyfel qülləsinə bənzəyən minlərcə neft buruqları yanından keçib, Mazut şəhərinə yanaşmaqdadır. Hazırda gəmimiz bolşevikləri Həştərxan şəhərinə aparan və dənizdə Mərkəzi Kaspi Diktaturasının göndərdiyi «Ərdəhan» hərbi gəmisi tərəfindən 26 Komissarlarla bərabər həbsə alınaraq, Nargin adası yaxınlığında çərkələnən 13 gəminin yanından keçir. Gəmimiz böyük bir qalibiyyətə doğru irəliləməkdədir. Denster-Vil». Lakin bu «qalibiyyətə» heç kəs inanmadığı kimi general özü də inanmırdı; bu telegramı İngiltərə mühitinə yayan hava cərəyanları da deyirdi: «yalandır!». Generalın qələmi də, kağız üzərində gəzdikdə deyirdi: «bu yalandır!». Radio aparatı başında oturan radistin barmaqları hərflərə toxunduqca səs çıxırdı: «bu yalandır!» Generalın gəldiyini xəbər verən gəmi fitləri də deyirdi: «bu yalandır!», daşnaqsütyun partiyasının ərkani-hərbi yerləşən erməni kilsəsinin təbrik üçün çalınan zəngləri də sanki deyirdi: «bu yalandır!» Gəmi körpüsündə boynunu burub duran Mərkəzi Kaspi Diktaturası üzvləri, onların ümidsiz baxışları və sükutları da deyirdi: «bu yalandır!» Qaliblərə məxsus bir təntənə ilə Bakıya gələn məğlub generalın gəmisi Qafqaz-Merkuri körpüsünə yanaşdığı vaxt miralay Keyvort generala raport verirdi: – Hər şey öz yerindədir. Şəhərdə sakitlikdir. Düşməndə aktiv hərəkət yoxdur. Cəbhələrdə seyrək atışmadan başqa bir şey yoxdur! General körpüyə çıxan kimi Leyla xanımın əlini sıxaraq dedi: – Cənab şahzadənin kefləri necədir?! Leyla xanım cavab verdi: – Cənab adyutant cəbhəyə getmişdir! General Leyla xanımın əlindən tutaraq gəzişmək istədikdə, Tiq-Çonson Mərkəzi Kaspi Diktaturası divani-rəyasətini, qoyun sürüsü kimi irəli sürüb generala təqdimlə bir-bir generalla tanış etdi. Ayollo generalı hökumət adından «xoş gəldiniz, səfa gəldiniz» kimi sözlərlə qarşıladıqdan sonra gözünü generalı gətirən gəminin qapısına dikmişdi. Oradan, ingilis saldatlarının çıxacağına ümid edirdi, lakin orada generalın yaxın adamlarından başqa bir adam yox idi. Zatən Ənzəlidə və Rəşt şəhərində ingilislərin qüvvələri də yox idi, çünki türklərin Təbriz və Savuçbulaq tərəflərində hazırlıq aparmaları, bir tərəfdən də Kiçikxanın müharibə başlamaq üçün yeni fürsət gözləməsi, ingilisləri məcbur etmişdi ki, Bakıya gətirmək istədikləri qüvvələri Qəzvində, Lahicanda, Rəşt və Ənzəlidə qoysunlar. Ayollo general ilə söhbət üçün bir saat vaxt istədisə də müvəffəq ola bilmədi. Çünki general miralay Keyvorta müraciətlə cəbhələrə getmək və vəziyyəti yoxlamaq üçün maşın istəmişdi. Buna görə də general Ayollonun ricasını rədd ilə dedi: – Bağışlayın, bu gün yorğunam, həm də axşamdır, adətimizcə ən əvvəl kazarmaları və xəstəxanaları gözdən keçirməliyəm. Söhbətimiz sabaha qalsın. O, Leyla xanımın əlindən tutaraq maşına qaldırdı, əvvəlcə özü, sonra da miralay Keyvort əyləşib yola düşdülər. Avqustun 18-də general Denster-Vil yenə də maşına oturub cəbhəni gəzməyə getmişdi. Hökumət üzvləri bu gün də generalın gəmidə olmadığını, cəbhəyə getdiyini eşidərək, rəsmi paltarlarını soyunmaq üçün evlərinə getdilər. Axşam saat altı idi. Hökumət üzvləri generalın yolunu gözləyirdi. General cəbhədən qayıdaraq, onları körpü üstündə görərkən öz gəmisinə dəvət etdi və ilk sözü bu oldu: – Əlahəzrətlər məni bağışlasınlar, cəbhədən təxirlə qayıtdığım üçün rahatsızlığınıza səbəb oldum. Lakin deməliyəm ki, cəbhələrin vəziyyəti ümidverici bir halda deyildir. Siz öz tərəfinizdən ingilislərə lazım olan yardımı verməmişsiniz. Yerli qoşunun hərbi qüvvəsi olduqca zəifdir. Siz belə qoşunlara arxalanaraq türkləri Bakıdan uzaqlaşdıra bilməzsiniz. Görünür bizim dostlarımız müharibədən və Bakı üstünə gələn ordunun nə qədər müntəzəm və itaətli bir ordu olduğundan, hətta ölümdən belə qorxmadığından xəbərdar deyildirlər. Ayollo buna cavab olaraq dedi: – Çox təəssüf edirik ki, cənab general bizim gözlədiyimizdən çox az və müdafiə üçün kifayətsiz qüvvət gətirmişdir. Bu sözlər generalın xoşuna gəlmədi və yerindən qalxaraq gəminin salonunda gəzişdi və sonra da trubkasını dişindən alıb dedi: – Mən Bakıya nə qədər qüvvə gətirəcəyim haqqında heç bir kəsə müəyyən vəd verməmişəm! Mən necə ki, Həmədanda və iki kərə də Ənzəlidə cənab Araratyana demişəm; elə də avqustun 7-də, Qazyanda rəsmən aşağıdakı cümlələri yazmışam: «Biz, Bakıya siz düşündüyünüz qüvvəni gətirə bilməyəcəyik, siz gərək özünüz də çalışasınız!» Bu sözlər, hökumət üzvlərinin gələcək haqqındakı ümidlərini qırdı. Onlar bu hökumətin bir neçə ay deyil, bir neçə gün davam edə biləcəyinə belə inana bilmədilər. Onlar düşünür, bir-birinin üzünə baxırdılar, general isə tez-tez saatını yoxlayırdı. General yerli qoşun rəhbərlərini ziyafətə dəvət etmişdi; ziyafət vaxtına az qaldığına baxmayaraq, hökumət üzvləri qalxıb getmək istəmirdi. Salonun bir tərəfində ziyafət süfrəsi hazırdı. Xörəklərin qoxusu salonu bürümüşdüsə də hökumət üzvləri yenə də tərpənmirdilər. Nəhayət, general darıxdı, bir daha saata baxaraq dedi: – Əlahəzrətləri artıq rahatsız etmək istəmirəm! Sadovski məsələni hamıdan qabaq hiss etdi və yoldaşlarına göz vurub qandırdı. Hamısı birdən qalxdı, generalın əlini sıxaraq eşiyə çıxdılar. Hökumət üzvləri körpüdən düşüb getdikləri zaman, qoşun rəhbərləri də maşınlarla gəlib gəmiyə getmək üçün körpünün qarşısında düşdülər. Ayollo gözünü ayaqlarına dikib düşündükcə yenə də Şaumyanın iyulun 26-dakı iclasda dediklərini xatırlayırdı: «Bakı Sovetinin dağılması nəticəsində siz ingilis kapitalı, ingilis təlimatçıları və ingilis avtomobillərindən başqa bir şey əldə edə bilməyəcəksiniz...». Hökumət üzvləri görürdü ki, onları saya salan və banketə dəvət edən yoxdur. Və buna o qədər sıxılmırdılar. Çünki onlar 14 gün ərzində ingilisləri yaxşıca öyrənmişdilər. İngilislər Bakıya gəldiyi gündən bəri yalnız Bakıdakı hərbi qüvvələri tanıyırdılar. Bu vəziyyətlə də sanki Mərkəzi Kaspi hökuməti, ingilisləri Bakıya gətirmək üçün sağ eser, sağ daşnaq və menşeviklər tərəfindən düzəlmiş bir komissiya vəzifəsini daşıyırdı. İngilislər gəldikdən sonra isə komissiyanın vəzifəsi bitmiş və komissiya ləğv edilmiş sayılırdı. Mərkəzi Kaspi hökumətinin bütün fəaliyyəti, ingilislərin çıxardığı qərarları imzalamaqdan və iclas açaraq bütün günü nəticəsiz, qərarsız və yersiz məsələlərlə məşğul olmaqdan ibarət idi. * * * XXVIII. Cəbhədə Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi. Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı: «Mənim sevgili dostum, Leyla! Cəbhədə sakitlikdir. Gecəni sənin fikrinlə yatdım. Səni düşünürdüm. Düşmən tərəfindən bir dənə güllə də atılmadığından sənin haqqında qiymətli düşüncələrimi poza biləcək heç bir hadisə yox idi. İndi məktub yazdığım zaman cəbhədə adi həyat vardır. Saldatlarımızın ruhu olduqca yüksəkdir. Cəbhəmizin möhkəmliyi mənə böyük ümidlər verir. Bizim mövqelərimiz bir tərəfdən düşmənin tutduğu mövqelərə hakimdir. O biri tərəfdən də Bakının müqəddəratını həll edən yerlərdədir. Bütün qüvvəmiz Palçıq vulkanı cəbhəsində yerləşmişdir. Bu saat general cənabları ilə danışırdım, sənin səhhətin haqqında mənə təminat verməklə, bizi, sakitlik olsa bu axşam müvəqqəti şəhərə gəlib onunla birlikdə şam yeməyə dəvət etdi. Leyla, sən mənə ayın 14-də gecə saat dördün yarısında verdiyin sözü unutma! Mən haman sözün nəşələri ilə yaşayır və cəbhədə olduğuma baxmayaraq özümü cənnətdə hiss edirəm...» Bahadır xan hələ məktubu bitirmədən Stafford alayının «D» bölüyü komandanı kapitan Sparro içəri girib şahzadə Bahadır xanın gözləmədiyi bir xəbəri gətirdi: – Əlahəzrət şahzadəyə deməliyəm ki, Palçıq vulkanının cənub-qərb tərəflərində, düşmənin böyük hərəkəti hiss olunur. Bahadır xan durbinin dalısından çəkiləcək telefon dəstəyini götürüb general ilə danışmağa başladı: – Səhər saat 10-30 dəqiqədə, Palçıq vulkanı cəbhəsinin cənub-qərb tərəflərində düşmənin ciddi hərəkəti hiss olunur — deyə durbinlə baxmağa başladı. On dəqiqə sonra şahzadə Bahadır xan telefonda dedi: – Düşmən dörd tərəfdən hücuma keçdi. Düşmənin qüvvəsi çoxdur. Şahzadə bir neçə dəqiqə düşmənin hücum xəttinə diqqətlə baxdı: – Düşmənin son çərkələrində güclü süvari dəstəsi də irəliləməkdədir. Düşmənin qüvvəsi təxminən min nəfərə qədərdir. Düşmən şiddətli top atəşindən də geniş istifadə edir. Ətrafımızda qiyamət qopmuşdur. Şahzadə Bahadır xan dəstəyi atıb birinci, ikinci, üçüncü mövqeyə komanda verməyə və atışmaya rəhbərlik etməyə başladı. Səngərlərdən güllə dolu kimi yağırdı. Bir tərəfdən alman, digər tərəfdən ingilis silahları ilə silahlanmış adamlar bir-birinə qarşı duraraq tanımadığı, görmədiyi insanları öldürməyə, məhv etməyə çalışırdılar. Bahadır xan general ilə danışmağa başladı: – Biz top, tüfəng atəşi ilə düşmənin hücumunu dayandırdıq. Lakin bu sükut çox da uzun çəkmədi. Türklər böyük toplarla atəş açaraq ingilislərin birinci mövqeyinə hücuma başladılar. Bu müharibə şahzadə Bahadır xanın taleyini həll edəcəkdi. Bu müharibədəki qələbə onu tac-təxtində möhkəmlədəcək və Bakı ingilislərin olacaqdı. Buna görə də şahzadə Bahadır xan 1-ci, 2-ci və 3-cü səngərlərdəki qüvvələri səfərbər etməklə, qardaşlarının meyitlərini ayaqlayaraq irəliləyən türklərin beş şiddətli hücumunu dəf etdi. Lakin böyük tələfatla əldə edilən bu müvəffəqiyyət də uzun çəkmədi. Hindistan şahzadəsi, alman boyunduruğu altında irəliləyən türk paşasının «irəli!» komandasına və «hayda hücuma!» deyə qışqırmasına cavab verə bilmədiyindən, dəstəyi əlinə alaraq generalı çağırdı: – Cənab generala xəbər verməliyəm ki, düşmənin beş dəfə şiddətli və inadlı hücumunu dəf etmişdik. Buna qarşı düşmən təkrar hücumla birinci mövqeyi müdafiə edən saldatlarımızı səngərdən çıxartdı. Düşmənin tələfatı bizimkindən qat-qat artıqdır. Bahadır xan birinci səngərdən çəkilən saldatları ikinci, üçüncü səngərlərdə yerləşdirdikdən, yaralıları şəhərə göndərdikdən sonra Leylaya məktub yazmağa davam etdi: «Gözəlim Leyla! Düşmənin inadlı hücumu, məktubun təxirlə yazılmasına səbəb oldu. Səhər saat on birin yarısında başlanan hücumda düşmənin qalibiyyəti, verdiyi qurbanlar nisbətən olduqca əhəmiyyətsizdir. Məktubumun başında yazdığım bəzi vədlərə əməl edə bilməyəcəyəm. Çünki düşmənin ciddi hərəkəti vəziyyəti dəyişdi. Axşam şam yeməyinə gələ bilməyəcəyəm. Zənnimcə bu gün türklər bizimlə hesablaşmağa çalışırlar. Onlar hücum zamanı pozulmuş sıralarını düzəltdikdən və əldə etdiyi mövqeləri bərkitdikdən sonra bizim ikinci və üçüncü səngərlərimizə hücum edəcəklər. Nə olur-olsun, qəlbim səninlədir. Hələlik bu qədər, salamat qal, gözəlim, əlini öpürəm. Bahadır». 26 avqust, 1918. Bahadır xan zərfi qapayıb üstünü yazdı və şəhərdən ərzaq daşımağa gedən maşınla Leylaya göndərdi. Bahadır xan generala vəziyyəti anlatmaq üçün yenə də şəhər telefonları ilə birləşmiş səhra telefon aparatına yanaşdı. – Cənab general!—dedi.—Düşmən birinci mövqeyimizi işğal etdikdən sonra pulemyotçuları və kiçik topları o tərəflərdə yerləşdirməyə başlamışdır. Düşmənin bu hərəkəti cəbhəmizin şimal tərəfini qorxu altına alır. Vəziyyət olduqca ciddidir... Xeyr! Buraxmaq yaramaz!.. Bəli, Bakını buraxmaq deməkdir... Ola bilməz! Bu boş bir manevra deyildir... Başqa cəbhələrlə əlaqədəyəm. Kəşfiyyatçıların verdiyi məlumata görə düşmən bütün qüvvətini Palçıq vulkanı mövqeləri qarşısına toplamışdır... Bəli!.. Bəli!.. Bu mövqelərin müqəddəratı həll olmasa gerıyə, başqa mövqelərimizə çəkilməyə məcbur olacağıq. Çünki düşmənin Palçıq vulkanını işğal etmək istəməsi bütün cəbhə xəttinə qarşı çevrilmiş hərəkatdır!.. Şiddətli atışmalar başlandığını eşidərkən şahzadə Bahadır xan dəstəyi yerə qoydu, çünki cəbhə telefonu sürətli və davamlı zəng çaldı, Bahadır xan dəstəyi götürüb bir az dinlədikdən sonra dəstəyi yerə qoyub başqa dəstəyi götürüb şəhəri çağırdı: – Cənab general! Saat birin yarısıdır. Düşmən Palçıq vulkanının şimal tərəfindən inadlı hücuma başladı. Bizim top və pulemyotlarımızın dəhşətli atəş tufanına baxmayaraq, düşmən öz pulemyot və toplarını irəli sürməkdə və şimal qanadımızı döyən təpələrdə yerləşdirməyə çalışmaqdadır. Düşmən hazırlığını bitirdikdən sonra ikinci, üçüncü mövqelərə hücum edəcəyi şübhəsizdir. Bahadır xan şəhər ilə olan telefon söhbətini dayandırdı. Çünki cəbhə telefonları bir-birinin dalınca zəng çalır, Bahadır xanı çağırırdı. Düşmən yalnız şimal tərəfdən deyil, cənub tərəfdən də hücuma keçmişdi. 2-ci 3-cü mövqelər artıq atəşə tutulmaqda idi. Vəziyyət qorxulu idi. Bahadır xan generala müraciətlə: – Cənab general, vəziyyət olduqca ciddidir. Mövqelərimiz şiddətli atəşə tutulmaqdadır. Düşmən bu hücumda Binəqədi tərəfindəki təpələri əldə etməyə çalışır. Cənab general, hazırkı vəziyyətdən çıxmaq üçün Şimali Stafford alayının 60 və Varvik batalyonunun 70 nəfərlik ehtiyatını, mayor Leyin komandası ilə göndərməyinizi məsləhət görürəm. Müharibənin ən dəhşətli vaxtıdır. Zənnimcə Binəqədi kəndində yerləşən erməni batalyonunu təhkim üçün Şimali Stafford alayının bir bölüyünü göndərmək lazımdır. Bahadır xan uzun-uzadı telefonda dinlədikdən sonra yanında duran miralay Keyvorta müraciətlə dedi: – Şimali Stafford alayının bir bölüyü saat on iki on beş dəqiqədə Binəqədi kəndində duran erməni batalyonunu müdafiə üçün getmişsə də orada bir nəfər də görməmişdir. Bu bölük hazırda təpələri işğal etməkdə olan 250 nəfər türk əskəri ilə qanlı vuruşmadadır... İkinci və üçüncü səngərlərlə əlaqə kəsildi. Beş dəqiqə sonra Şimali Stafford bölüyünün bir saldatı gəldi: – Tam saat ikinin yarısında düşmən 2-ci və 3-cü səngərlərin qarşısında göründü. Siyirmə qılınc vuruşduq. Ancaq 6 nəfərimiz salamat qurtardı. Zəng vurdu. Bahadır xan dəstəyi götürüb: – Dinləyirəm!—deyə uzun-uzadı sakit durdu. Sonra da:—Palçıq vulkanı dağı hələlik tamamilə düşmən tərəfindən işğal edilməmişdir. Nə qədər ki, bu tərəflər tamamilə düşmən əlinə keçməmişdir, düşmən, qüvvəsini Binəqədi cəbhəsinə çevirməyi bacarmaz. Hər ehtimala qarşı düşmən Palçıq dağını tamamilə işğal edərsə, buradakı qüvvə Binəqədi kəndinin şimalını və Biləçəri dəmiryol stansiyası xəttini işğal edəcək və iki fasiləli xətdən ibarət cəbhə təşkil edəcəkdir. Əlaqəni möhkəm saxlayın! Şiddətli müharibələr davam etməkdə idi. Miralay Keyvort və şahzadə Bahadır xan bir an dayanmadan komanda verir və telefonla səngərlərdəki qüvvələrin möhkəm dayanmasını əmr edirdi. Müharibə türklərin qələbəsilə bitmək üzrə idi. Bahadır xan generalı bir daha səslədi: – Cənab general, kəmali-təəssüflə xəbər verməkdəyəm ki, Palçıq vulkanı tərəflərini düşmən qüvvələri aldı. Biz geri çəkildik. Hazırda tutduğumuz mövqelər xəritə üzrə Palçıq vulkanının şərqində, neft buruqları olan yerlərdir. Buranı, Varvik batalyonunun bir bölüyü müdafiə etməkdədir. Şimali Stafford alayının bir batalyonu isə, Biləçəri stansiyası sahəsinin cənub nöqtələrini işğal etməkdədir. Göndərdiyiniz Şimali Stafford alayının 60 nəfərlik və Varvik batalyonunun 70 nəfərlik ehtiyatı vaxtında gəlib çıxmadı. Mayor Leyin komandasına göndərilən Uerçestr alayının bir batalyonu tam saat dördün yarısında cəbhəyə gəldi. Binəqədi təpələrindəki müharibədə leytenant Kreka və leytenant Maqbet öldü... Şahzadə Bahadır xan generala verdiyi məlumatı bitirməmiş türklərin yeni hücumu başlanırdı. Varvik, Uerçester və Şimali Stafford alaylarının pozğun bölükləri, Palçıq vulkanının şərq tərəfindəki buruqların kölgələrində səngərləndikləri vaxt, şahzadə Bahadır xan da mazutlu bir yerə söykənərək düşünürdü. Bahadır xan müharibədəki yorğunluğu nəticəsində başı üzərindən odlu quşlar kimi uçub gedən qurşunların dəhşətini unutmuşdu. Hazırkı müharibədə basılan şahzadə məğlubiyyət sözünü ingilislərə yaraşmayan bir şey bildiyindən, bu hadisəni müvəqqəti sayır və gələcək xülyalarından daşınmırdı. O, müharibədən sonra xəyalən Londona qayıdır, müharibədə özünün namusla vuruşduğunu və kralın yavəri vəzifəsinə layiq iş gördüyünü sənədlərlə krala təqdim edir. Kral isə şahzadənin şərəfinə verilən ziyafətdə onun sağlığına piyalə qaldırır və onu təbrik etdikdən sonra şahzadənin vəliəhdliyinə aid qızıl suyu ilə yazılmış fərmanı gümüş məcməyidə gətirib ona təqdim edirlər. Şahzadə Leyla xanımın qolundan tutub səfər üçün hazırlanmış xüsusi hərbi gəmiyə əyləşir. Dehli xalqı öz şahzadəsini və öz vəliəhdinin sevgili hərəmini istiqbal edir, şahzadə sevgili hərəminin qolundan tutaraq Dehli sarayına daxil olur və bu sırada təbil və nəfirdən ibarət hind milli musiqisi çalınır. Şadlıq xəbəri Dehli şəhərinə yayılır. Şahzadə Bahadır xan on dörd qapılı sarayın birinci qapısından daxil olur, sıra ilə düzülmüş növbətçilər əllərini dizlərinə qoyaraq, baş əyirlər. Şahzadə xidmətçilər oturan dəhlizdən keçərək, əlində altun əsa tutan və başına tovuz tüklü, yanları cavahirlə bəzənmiş tac qoyan xidmətçilərin salamını alaraq, geniş və böyük bir yerə daxil olurlar. Üçüncü qapının qarşısından keçərkən, hərəm dairəsindən əllərində güllər gətirən ipək geyimli qızlar şahzadəni və hərəmini salamlayaraq gülləri onun ayağı altına tökürlər. Bu vaxt qızlar Leyla xanımın ətrafını alaraq onu hərəm dairəsinə götürürlər. Şahzadə isə üçüncü qapı qarşısında duran altun tac və altun kəmər xidmətçilərilə dayanıb Sultanın icazəsini gözləyir. Sultan eşiyə çıxaraq şahzadəni qucaqlayıb öpür, şahzadə isə torpağa yıxılaraq üzünü atasının ayaqlarına qoyduqda atası onu qaldırır və vəzirin gümüş məcməyidə tutduğu tacı şahzadənin başına qoyur... Düşmənin hücumu başlanırdı. Şahzadənin ətrafındakı cəbhə telefonları nə qədər zəng vurursa şahzadə Bahadır xandan bir cavab çıxmırdı. Miralay Keyvort hərbi nizam alaraq: – Həşəmətli cənab, düşmən şiddətli hücuma keçmişdir,—dedi,—cəbhəni saxlamaq mümkün deyil. Bahadır xan nə danışır, nə də yerindən hərəkət edirdi. Miralay Keyvort irəli gələrək şahzadə Bahadır xana diqqət verdikdə heyrət etdi: Şahzadə Bahadır xanın bir əlində məktub vardı. O biri əlilə də bir rəsmi dodaqlarına söykəmişdi. Lakin onun alnından dəyən qurşun, həm məktubu, həm də dodaqlarındakı rəsmi qızıl qana boyamışdı. Miralay Keyvort əvvəlcə məktubu açıb baxdı, məktub Leyla xanımdan idi. «Sevimli və əzəmətli şahzadəm! Sənin atəşlər, dəhşətlər və top güllələri altında yazdığın məktubu ömrümdə görmədiyim ürək çırpıntıları içərisində aldım. Açıb oxuyunca, inan ki, ömrümün yarısı puç oldu. Nəhayət, məktubdan sənin salamatlığını öyrənərək şad oldum. Şahzadə, sən müharibəni çox dəhşətli təsvir edirsən. Lakin bilməli idin ki, bu məktubu, müharibələrə, dəhşətlərə bir əyləncə kimi baxan qəhrəmanlar deyil, Leyla kimi incə və zərif qəlbə malik və sevgilisi cəbhədə bulunan bir qız oxuyacaqdır. Sən bilirsən ki, sənin başın üzərindən uçan qurşunların hər biri mənim məhəbbətlə dolu olan qəlbimi deşib keçir. Sən bilməlisən ki, sənin qarşında partlayan hər bir şrapnel, mənim istiqbalımı məhv edir. Sevimli şahzadəm, iştirak etdiyin bu dəhşətli müharibənin təsvirlərini oxumaq istərkən, daima özümü bir cəhənnəm içərisində hiss edir və dəlicəsinə bağırmaq istəyirəm. Bunlarla bərabər, sənin yazdığın qəhrəmanlıqlar, hücumları qaytarmaq işindəki məharət, mənim şərəfimi bir daha yüksəltmiş olur. Sənin namusla, qəhrəmanlıqla vuruşmağın, mənim sadə bir şahzadə ilə deyil, düşmənə arxa çevirməyəcək bir qəhrəmanla izdivac etdiyimi bütün dünyaya bildirir. Sənə öz məktubumla, son günlər aldırdığım rəsmi göndərdim. Mən, sənin rəsmini öpürəm. Ümid edirəm ki, sən də göndərdiyim rəsmi öpəcək və sevəcəksən. Qoy mənim məhəbbətlə dolu qəlbimin ifadəsi olan rəsmim səni səadətlərə və qələbələrə doğru aparsın. Leyla». Miralay Keyvort rəsmi şahzadənin əlindən aldığı vaxt Leylanın zəif çöhrəsində bir cüt qanlı dodağın iz buraxdığını gördü. * * * XXIX. Məğlubiyyətdən sonra Leyla xanımın müharibənin nəticəsindən xəbəri yox idi. O, məğlubiyyəti hiss edirdi. Fəqət verilən qurbanlar haqqında bir şey eşitməmişdi. Şimali-qərbdən gələn və şəhəri titrətməkdə olan top gurultuları sakit olmuşdu. İngilislər məğlubiyyəti ört-basdır etmək üçün küçələrə qoşun dəstələri çıxarmışdı. Onlar yenə də qalibiyyət nəğmələri oxuyaraq küçələri dolaşırdı. Lakin ingilislərin məğlub olduğunu və böyük tələfat verərək tamamilə şəhər kənarına çəkildiyini bilməyən bir nəfər də yox idi. Leyla xanım ingilislərin nə fikirdə olduğunu və Bahadır xanın ölüb-ölmədiyini bilmək üçün axşam saat 7-də ərkani-hərb yerləşən gəmiyə gəldi. O, generalı çox fikirli gördü. O, tez-tez saatına baxırdı, çünki maralay Keyvort saat yeddidə bu günkü müharibənin yekunları haqqında məruzə etmək üçün generalın yanına gəlməli idi. Keyvort gəldi. Xəritəni böyük stol üzərinə salıb məruzəsinə başladı. General xəritəni gözdən keçirərək başını tərpətdi və dedi: – Demək ki, düşmən Bakıdadır! Miralay Keyvort ingilislərin və türklərin vəziyyəti haqqında danışırdı: – Düşmənin bu günkü hücumu bizim üçün çox ağır oldu. Çoxlu qurbanlar verdik, torpaqlar itirdik. 2-ci, 3-cü mövqelərdə ancaq 6 nəfər saldat salamat qaldı. General tələsik soruşdu: – Zabitlərdən tələf olan çoxdurmu?! – Bütün zabitlər tələf olmuşlar. Bu günkü müharibədə ən böyük bədbəxtlik budur ki, əlahəzrət kralın yavəri və Hindistan taxtının varisi həşəmətli Bahadır xan həzrətlərinin də meyidi tapıldı. Bu sözdə Leyla xanım süniliklə qışqırdı və bayıldı, onu başqa bir otağa apardılar. General miralay Keyvortdan soruşdu: – Ölənlər içərisində ingilis çoxdurmu? – Xeyr! 1-ci, 2-ci, 3-cü mövqelərdə zabitlər daxil olmamaq şərti ilə 4 ingilis saldatı ölmüşdür. Bu sözdə general ah çəkərək: – İngilis olduqları üçün çox böyük tələfatdır.—dedi və yenə soruşdu:—Zabitlərdən neçəsi ingilisdir?! – Dörd nəfər cənubi afrikalı və bir nəfər Hindistanlıdan başqa, hamısı ingilisdir. General ayağa qalxdı və furajkasını çıxartdı: – Cənab Bahadır xanın faciəli ölümü haqqında Bağdada və Londona teleqram göndərin.—dedi. Yarım saatdan sonra hava dalğaları aşağıdakı teleqramı Londona və Bağdada apardı: «London, 26 avqust 1918-ci il, saat 7—51 dəqiqə. Bahadır xan, ikinci Əkbər şah və ikinci Bahadırın nəvəsi, üçüncü Əkbər şahın oğlu Dehli səltənətinin gələcək padşahı, üçüncü Bahadır şah Britaniya imperatorluğunun və vətənin əzəməti uğrunda apardığı müqəddəs vəzifə başında, avqustun 26-daki şiddətli müharibədə qəhrəmancasına öldü... Bakı, 26 avqust, saat 7—51 dəqiqə. Denster-Vil». Leyla xanımı Hacının evinə gətirdikdə, Sadovski qolunda qara atlaz, Leyla xanıma başsağlığı vermək üçün qapıda durmuşdu. Lakin Leyla xanım «rahətsizəm» deyə onu içəri buraxmadı. Heç bir kəsin içəri buraxılmamasına əmr verdikdən sonra telefon dəstəyini əlinə aldı: – Hacı Zeynalabdin Tağıyevin evidir... Bəli!.. Xaricdə nömrə 11... daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55.. Dolmabağça 16... şifahi nömrə 4. Şahzadə Bahadır xan da ölmüşdür. İngilislərin ruhu olduqca düşkündür. Onlar yerli qoşunun yardımından ümid kəsmişlər. Hazırkı mövqelərin əlverişli olmadığını general özü qeyd etmişdir. Sabah və ya iki gün sonra Bağdaddan, general Liyuin gələcəkdir. Bakını müdafiə məsələsi onunla birlikdə müzakirə ediləcək. İngilislər general gəlincəyə qədər hazırkı mövqeləri əldə saxlamağa çalışacaqlar. Onların zənnincə türklər əldə etdikləri mövqeləri möhkəmlətməmiş hücuma keçməyəcəklər. General Denster-Vil ingilislərin Bakıdan çəkilmiş planını hazırlamaqdadır. Bu axşam, yerli qoşun nümayəndələri generalın yanında çağırılmış iclasda iştirak edəcəkdir. Mərkəzi Kaspi Diktaturası üzvləri ilə ingilislər arasında gizli danışıqlar davam etməkdədir. Danışıqların gizli saxlandığına baxmayaraq mən Sadovskidən lazımi məlumatı əldə etmişəm. Bütün danışıqlar şəhəri təslim etmək və rəhbərlərin köçürülməsi barəsindədir. 26 Komissarların müqəddəratı da həll olunur. Sadovskinin dediyinə görə ingilislər 26 Komissarı Hindistana aparmaq istəyirlər. Lakin bu şayiənin əsli yoxdur. Çünki 26 Komissarı Hindistana göndərmək böyük zəhmət və vaxt tələb edir. Doktor Araratyanın ziyafətində olan danışıqlardan anladım ki, 26 Komissarın Zakaspi oblastına aparılması haqqında ingilislərlə Mərkəzi Kaspi Diktaturası üzvləri arasında müzakirə getdiyi yəqindir. Dünən Sadovski və Ayollo Bahadır xanın öldürülməsi münasibətilə baş sağlığına gəlmişdi. Mən 26-ların müqəddəratı haqqında söhbət açdım; Ayollo Sadovskidən xəbərsiz olaraq 26-ların Zakaspi oblastına aparılacağını ağzından qaçırtdı. Ayollonun dediyinə görə Zakaspi oblastında və Orta Asiyada menşeviklər hökm sürür. 26 Komissar orada mühakimə ediləcəklər. Sonradan Ayollonun səhvini düzəldərək Sadovski mənə dedi ki, bizim 26 Komissar haqqında heç bir qəti fikrimiz yoxdur. Bunların hamısı ilə bərabər 26-ları Zakaspi şəhərlərinin birisinə aparmaq barəsində ingilislərlə Mərkəzi Kaspi hökuməti arasında saziş əmələ gəlmişdir. Daşnaq rəhbərləri, menşeviklərin ingilis siyasi nümayəndəsi Tiq-Çonsonun iştirakı ilə olan ziyafətində, ingilislər getdikdən sonra daşnaq və menşeviklərin müqəddəratı məsələsi danışılmalıdır. Ziyafətdə menşeviklərin Zakaspi ölkələri, daşnaqların isə İran vasitəsilə London və sair Avropa şəhərlərinə keçməsi məsələsi də danışılmalıdır. Şimali Qafqaza getmək və çar tərəfdarları ilə əlbir işləyib Bakını türklərdən almaq fikri də vardır. İngilislər də bu fikri təqdir edirlər. Onlar yenə də Biçeraxovun qüvvəsindən istifadə etmək üçün zəminə hazırlayırlar. Onlar Bakıdakı qüvvələri, Şimali Qafqazda bolşeviklərə qarşı mübarizə aparan və çar Rusiyasını bərpa etmək uğrunda vuruşan ağ generallara qoşmaq arzusundadırlar. Lakin bilmirəm onlar Şimali Qafqaz ilə Bakı arasındakı dəmiryol xəttindən istifadə edəcəklərmi? Mən Mərdəkanda hacının ziyafətində ikən, türklərin Bakıya girmələri məsələsi haqqında mübahisə aparıldığı vaxt, hacı erməni kübarları və varlılarının mühafizə olunmasını tapşırdı, çünki mart hadisələrində erməni kübarları və zənginləri də Azərbaycan kübarları və zənginlərini qorumuşlardı. Məsləhətdirsə, türk ordusu şəhəri almamış intibahnamələr yayaraq, müsəlman burjuaziyasının erməni burjuaziyasını müdafiəsi işini qadağan etməli və bu əmrə itaət etməyənlərin cəzalanacağını bildirməli. Bakıdakı ingilis qoşunlarının komandasını Denster-Vil şəxsən öz əlinə almışdır. Bu gündən etibarən özü bütün cəbhələri gəzir və yeni təlimat verir. * * * XXX. Məktublar Bakı proletariatı fəaliyyətini dayandırmamışdı. İşçilər yenə də düşmənlərə qarşı mübarizə üçün həbsə alınan rəhbərlərdən təlimat alırdılar. Bu günkü iclasda rəhbərlərin həbsxanadan göndərdiyi məktub oxundu və gələcək xətti-hərəkət barəsində lazımi qərar çıxarıldı. İclas yenicə qurtarmışdı. Vahan ilə Raya evə gəldikdə nə Heydəri, nə də Əminəni gördülər. Əminənin anası isə müəyyən bir söz deyə bilmədi. Yarım saat keçmişdi. Vahan Əminə və Heydərin hara getdiyini bilmək üçün Rayanı evdə qoyub çıxdı. Qaranlıq idi. Boynunu zürafələr kimi mədənlər üzərindəki qara dumanlara uzadan buruqlardan başqa heç yer görünmürdü. Vahan onlara bir hadisə üz verdiyini xəyal etdi, tükləri biz-biz oldu. – Şəhərdə hərc-mərclik artdığı bir zamanda gecə evdən çıxmaq və saat on ikiyə qədər qayıtmamaq... Hər halda bir hadisə olmamış deyil,—deyə Vahan Əminə və Heydər haqqında düşünürdü. Uzaqdan iki qaraltı gördü. Vahan onlara görünməmək üçün bir buruğun dalında gizləndi. Qaraltı yaxınlaşdı. Onlar Vahan durduğu buruğun önündən keçərkən Əminə Heydərə müraciətlə dedi: – Mən bilirəm Vahan bu məktublardan nə qədər sevinəcəkdir. Vahan bu sözdə onların Heydər və Əminə olduğunu bilib şadlıqla: – Sevinərəm! Sevinərəm! Vahan buradadır. Vahan buradadır!—deyə onların qarşısına atıldı. Onlar yolda heç nə danışmadılar. Evə gəldilər. Raya və Əminənin anası beşlik lampa işığında oturub düşünürdü. Heydər əlini qoynuna uzadıb: – Vahan, məktub gətirmişəm,—dedi və məktubu çıxartdı. Məktub Həştərxandan yazılmışdı: «Əziz yoldaşım Heydər. Unudulmaz dostum Vahan, Əminəyə və anama salam söyləyin. Ölməmişəm, sağam. Hazırda Həştərxandayam. Bakıdan gəlmiş bolşevik yoldaşlarla birlikdə çalışıram. On birinci orduda xidmətdəyəm. Bakıda bolşevik hökumətinin yıxıldığını qəzetlərdən müfəssəl öyrənmək mümkün deyil. Lakin Bakıdan Həştərxana keçən yoldaşlar orada baş verən hadisələrdən bizə müfəssəl danışdılar. Burada Bakıdan gələn yoldaşlarla görüşürəm. Əlicabbar İsmayılov da buradadır. Bizə məktəbdə dərs deyir. Bu günlərdə Zaqafqaziyadan Həştərxana gələn bolşevikləri lazımınca təşkil etmək üçün «Zaqafqaziya Komissarlığı» təşkil olunur. Komissarlıq üçün yeni bina müəyyən edilmişdir. Mən də bu gün «Hümmət» təşkilatına yazıldım. Qafqazlılardan yazılan çoxdur. Bu günlər «Hümmət» təşkilatının Bakıda nəşr olunan qəzeti «Hümmət» Həştərxanda çıxarılacaqdır. Sizə müjdə verirəm. Dünən Balaqardaşdan da məktub almışam. O, bu saat Saritsın şəhərindədir. 10-cu ordunun müsəlman hissəsində qulluq edir. Ondan aldığım məktubu da göndərirəm. Həştərxan, 18 avqust. Qüdrət». Vahan və Əminə çox şad oldular. Raya Qüdrətdən alınan məktub münasibətilə Əminəni təbrik etdi. Sonra da Qüdrətin göndərdiyi və Balaqardaş tərəfindən yazılmış məktubu oxudular: «Mənim əziz dostum Qüdrət! Mən beş gün bundan qabaq Saritsın şəhərinə gəldim. Məqsədim Bakıya gəlməkdi. Bakıdakı Qafqaz türklərindən biri ilə görüşdüm. O, Bakının Mərkəzi Kaspi hökuməti əlinə keçirdiyini və ingilislərin Bakıya gəldiyini söyləyərək, mənim Bakıya getməyimi məsləhət görmədi. İki gün sonra haman yoldaş məni özü ilə bir tatarın evinə qonaq apardı. O məni ev sahibi ilə tanış etdikdən sonra məlum oldu ki, ev sahibi yoldaş Murtazin, 10-cu ordunun müsəlman hissəsi siyasi şöbəsinin rəhbəridir. Haman yoldaşla Murtazinin evinə bir neçə dəfə getdik. Mən yoldaşımın vasitəsilə 10-cu ordunun siyasi şöbəsində xidmətə götürüldüm. Partiyaya daxil olmuşam, sənə də məsləhət görürəm, partiyaya daxil ol! Sənin Həştərxanda olduğunu, tanış olduğum bir yoldaş mənə dedi. Çünki o, Həştərxandan tez-tez məktub alır. Balaqardaş». Bu məktub yenicə oxunub qurtarmışdı. Eşikdən pəncərəni yavaşca döydülər. Heydər qalxıb eşiyə çıxdı, bir az sonra qayıdıb Vahanı çağırdı. Bir azdan sonra Vahan əlində Esterin məktubunu gətirdi. Son günlər Raya Esterdən gələn məktublarla çox maraqlanırdı. Məktubu oxudular. «Əziz dostlarım Vahan və Raya! Bu məktubum sizi şad etməyəcəkdir. Lakin yenə də vəziyyəti yazmağa məcburam. Əziz dostlarım, Bakını yeni bir fəlakət gözləyir, görünür ki, ingilislər Bakını başlı-başına buraxıb getmək istəyir. Mən son günlər hər işi öyrənə bilirəm. Çünki miralay Keyvort bütün boş vaxtlarını bizdə keçirir, yeməyi-içməyi də buradadır. Aldığım məlumata görə, 26 Komissarı Zakaspiyə aparacaqlar. Hökumət üzvləri ilə ingilislər arasında bu barədə saziş əmələ gəlmişdir. Vahan! Türklər gəlir. Mən bilirəm ki, Leyla səni də, Rayanı da tapdırıb məhv etdirəcəkdir. İndiyə qədər o, ingilislərdən qorxurdu. Çünki ingilislər səni, yaxud Rayanı həbs etsəydi Leylanın özünün gizli siması ifşa oluna bilərdi. Buna görə də o, bu məsələni türklər Bakını işğal etdikdən sonra həll edəcəkdir. Vahan! Yalnız səni və Rayanı deyil, bəlkə Əminəni və Heydəri də böyük təhlükə gözləyir. Buna görə də ya Bakıdan bir tərəfə qaçmalı, yaxud Leylanın özü haqqında düşünməlisiniz. Vahan! Atam məni miralay Keyvortla Londona göndərmək və bununla da İngiltərə təbiiyyatşünası olan Banksın (Keyvortun babasıdır) tükənməz var-dövlətinə sahib olmaq xəyalındadır. Lakin mən bilirəm ki, ingilislər məzlum xalqları istismar etdikləri kimi, bu şəhvətpərəst və yalançı miralay da məndən istifadə etmək istəyir. Yalnız atamın son həmisi olan miralay deyil, Bakıdakı ingilislərin saldatından tutmuş miralayına qədər həmisi özünə müvəqqəti əyləncə üçün «sevgili» tapmışdır. Hərgah o qızları danışdırsaq görərik ki, onların hamısına, mənə deyilən sözlər deyilmişdir. Onlar ərə getmək istədikləri ingilislərin hamısı Keyvort dediyi kimi böyük şərəfə və tükənməz zənginliyə malik olan adamlar imiş. Çünki İngiltərədə məşhur və zəngin adamlar az deyildir. Bakıda saldatlar isə özünü məşhur adamlara nisbət verməkdən faydalanırlar. İndi çətin məsələ, mənim öz məsələmdir. Atam və onun həmfikirləri, tamamilə İrana köçməyə hazırlaşırlar. Atam məni də aparacaqdır. Mən miralay Keyvortla əlaqəyə girməsəm də məni Bakıda qoymayacaqlar. Qoysalar da mən özüm qala bilməyəcəyəm. Çünki türklər gəlir, atam daşnaq rəhbəri olduğu üçün mənim də adım ləkəlidir. İkinci tərəfdən də Leyla məni dinc qoymayacaqdır. Bu barədə sizdən cavab gözləyirəm. Ester». Bakı, 28 avqust. Gecə keçmişdi. Esterə müfəssəl məktub göndərməyə vaxt yoxdur. Ancaq Raya bir neçə cümlədə Esterə təsəlliverici bir məktub yazdı: «Məhəbbətli Ester! Məktubunu aldıq. Yazdığın bütün məsələlər haqqında tədbir görəcəyik. Sən o alçaq ingilis miralayına satılmayacaq və İrana da getməyəcəksən! Sənə səmimi söz verirəm. Leyla türkləri Bakıda görə bilməyəcək və bizə qarşı təşəbbüs etməyə imkan tapa bilməyəcəkdir. Ester, sən əmin ol ki, onun günahları cəzasız qalmayacaqdır. Çünki o bütün əməkçilərin, Azərbaycan xalqının düşmənidir. Raya və Vahan». 28 avqust, Bakı. * * * XXXI. Qəti vuruşmalar Avqustun 31-də başlanmış və ingilislərin tam məğlubiyyəti ilə qurtarmış qanlı müharibə, indiyə qədər tərəddüdlə danışılan ricət məsələsini çox qəti qoymuş oldu. Beş saat davam edən bu qanlı müharibə ingilislərin Bakı haqqındakı arzularını sabun köpüyü kimi puç etdi. Türklərin hücumu həm sağ, həm də sol cinahın böyük tələfatla çəkilməsinə səbəb oldu. Tam bu həlledici müharibə zamanında Bakı müdafiəsinin nə vəziyyətdə olduğunu yoxlamaq üçün Bağdaddan gələn general Liyuin də Bakıya varid olmuşdu. Top güllələrinin və şrapnellərin qəliz dumanları cəbhə ufuqundan çəkilməmiş, general Liyuin, general Denster-Vili, bir neçə nəfər ərkani-hərb zabitini yanına alıb, türklərin və ingilislərin tutduqları mövqeləri nəzərdən keçirtdi. Yenicə qayıtmışdılar, general Liyuin plaşını çıxarmadan, cəbhə haqqındakı fikrini söylədi: – Bakını müdafiə ümidləri tamamilə faydasızdır; ingilis qoşunlarını Bakıdan təcili surətdə çıxarmaq lazımdır. Müharibəni davam etdirmək, ingilis qoşunlarını qırdırmaq və düşmənə şəhəri silah gücünə almaq üçün və intiqam almaq üçün bəhanə vermək deməkdir. İndi türklərin tutduğu mövqe ingilislərin və yerli qoşunların hücumuna imkan verməyən mövqelərdir. Yerli qoşun və ingilis qoşunları nə qədər qüvvətli olur-olsun, onların başladıqları hər bir əks-hücuma müvəffəqiyyətsizliyə uğramış olacaqdır. Bakı əski Şərq şəhəridir, barrikada müharibələri üçün olduqca əlverişlidir. Türkləri şəhərin içərisinə çəkib onlara qəti zərbə vurmaq və püskürtmək də mümkündür. Lakin yerli xalqın ruhu buna imkan verməz. Biz düşmənlə vuruşduğumuz yerdə, yerli xalqın arxadan bizə hücumu mümkündür. Onda bizim şəhər içərisindəki müharibəyə sərf etdiyimiz vaxt, qoşunların və bizim dostlarımızın şəhərdən çəkilmək imkanını azaldır. Buna görə də yersiz qan tökməmək üçün, türklərlə müharibəni dayandırmalıyıq. Bu müharibə müttəfiqlərin ümumi qələbəsinə qədər dayandırılmalıdır. Çünki müttəfiqlərin qələbəsi şübhəsizdir. Mən əvvəldən də Bakı səfərinə tərəfdar deyildim. Çünki bütün məsələlər Almaniya cəbhəsində həll ediləcəkdi. Siz, bu gündən etibarən məsuliyyəti öz üstünüzdə qoymamaq üçün ingilis qoşunlarının Bakıdan çıxmalı olduğunu Mərkəzi Kaspi hökumətinə xəbər verməlisiniz. Qoy onlar öz başlarının qeydinə qalsınlar. Qoy bizim qoşun çəkilən yerləri öz yerli qüvvələrilə doldursunlar. General Liyuin sözünü bitirdikdə, Denster-Vilin ağzındakı trubkadan qalxan tüstü artıq ona Qaraşəhərdəki zavod bacalarından çıxan tüstülərin verdiyi nəşəni vermirdi. Bakı neftini ingilislər əlinə keçirmək üçün xüsusi tapşırıqla Hindistandan çağırılan və yol uzunu düşündüyü planları həyata keçirməyə imkan tapa bilməyən general, çubuq tüstüsündə ancaq öz taleyinin şərəfsiz təsadüflərini görür və sıxılırdı. Sanki halqalanıb çubuqdan qalxan tüstü, ingilis hərislərinin ağzı qədər genişlənir və generala istehzalı gülüşlər yağdırırdı. General dişində tutduğu bu çubuğu avqustun 18-də saat 18—12 dəqiqədə Bakı limanında ikən tam başqa şəkildə görmüşdü. Müştüyü Bakı-Batumi neft kəmərinə, başı Qaraşəhər və Ağşəhər neft və mazut çənlərinə bənzəyən çubuq, 13 gün əvvəl Bakı neftini sorub Denster-Vilin qarnına doldurmaqla ona nəşə verirdi. Bu gün isə qəliz tüstülər ilə generalın ümidsizlik və həsrətlərdən doğan ahlarını andırırdı. General ayın 18-də London və Bağdada göndərdiyi teleqramın məzmununu bir daha xəyalından keçirtdi: «18 avqust, 18—12 dəqiqə. İngiltərə bayrağı altında üzən «Prezident Kryuker» gəmisi, Eyfel qülləsinə bənzəyən minlərcə neft buruqları yanından keçib neft şəhərinə yanaşmaqdadır...» Generalın dalğın göz bəbəkləri məğlubiyyətdən qorxmuş gözlərinin halqasında. Xəzər limanından cənuba doğru hərəkətə hazırlaşan «Prezident Kryuker» gəmisi üzməyə başlamışdı. General Londona və Bağdada vurduğu teleqramdan birini də xatırladı: «Dünyada Xəzər dənizi birincidir ki, orada İngiltərə bayrağı daşıyan gəmi üzməmişdi». Bu düşüncələr təsirindən general trubkanı stol üzərinə ataraq qələmi əlinə alıb yazdı. «Mərkəzi Kaspi Diktaturası divani-rəyasətinə Həşəmətli cənablar! Bu gün Bağdaddan yeni təşrif gətirmiş general Liyuin cənabları ilə bərabər hərb cəbhələrini gəzib vəziyyəti gözdən keçirtdik. Cənab generalın Bakının müdafiə haqqındakı fikrini demək və gələcək məsələlər barəsində məsləhətləşmək üçün əlahəzrətlərin «Yevropa» otelinə təşrif gətirmələrini rica edirəm. Vaxtı itirməmək üçün əlahəzrətləri bir saatdan sonra oteldə gözləyəcəyəm. Denster-Vil». Bakı, 31 avqust. Mərkəzi Kaspi Diktaturası üzvləri tez gəlmişdilər. Müşavirəyə Sadovski, Elçiyan, Ayollo, Velonts və diktaturanın hərbi naziri general Baqratuni gəlmişdi. Diktatura bu müşavirədən müsbət bir nəticə gözləmirdi, üzvlər, generalın xeyir xəbər verməyəcəyini əvvəldən bilirdilər. Generalın mindiyi maşının siqnalı eşidildi, bir dəqiqə sonra o, adəti üzrə qısa və sürətli addımlar ilə salona girdi. O, hamı ilə əl verib görüşdükdə barmaqlarındakı kiçik damarlar saat əqrəbi kimi döyünür və dəhşətli xəbərlər söyləyirdi. General sözə başladı: – Çox təəssüf edirəm ki, əlahəzrətləri təmin edəsi bir söz deyə bilməyəcəyəm. Mən dünən, Bağdaddan yeni təşrif gətirmiş general Liyuin ilə hərb cəbhələrini gəzdim. Biz belə bir qərara gəldik ki, Bakının müdafiəsi işi ümidsizdir, çünki 31-də olan beş saatlıq müharibə, Bakının taleyini türklərin xeyrinə həll etdi. Bundan sonra müharibəni davam etdirmək mümkün deyildir. Buna görə də mən, əlahəzrətlərə kəmali-təəssüflə xəbər verməliyəm ki, şəhərin müdafiəsini davam etdirmək, insanları qırdırmaqdan başqa bir nəticə verməyəcəkdir. Hər vuruşmada mənim saldatlarımın qəhrəmanlığına baxmayaraq, türklər üstün gəlirlər. Mən artıq öz saldatlarımın qanı tökülməyə imkan verməyəcəyəm. Bu gecədən etibarən qoşunlarımı Bakıdan çıxaracağam. Bunu sizə xəbər verməkdən məqsədim odur ki, vaxt ikən, biz boşaltdığımız mövqeləri, siz öz qüvvənizlə möhkəmlədəsiniz. Mən məsləhət görürəm ki, növbə ilə nitq deməyi buraxınız, cürbəcür qətnamələr çıxarmağı atınız, bu saatda türklərin yanına sülh nümayəndəsi göndəriniz. Siz təcili surətdə türklərin nə şəraitlə sülh edəcəyini soruşarsınız. Ancaq bununla da siz qadın və uşaqları şəhərdən çıxara bilərsiniz. Generalın bundan sonrakı sözlərini Mərkəzi Kaspi Diktaturası üzvləri eşidə bilmədilər. Çünki onların bəziləri qorxusundan, bəziləri də acığından çaşmış və özündən çıxmışdı. Ancaq hərbi nazir Baqratuni özünü toplayıb danışdı: – Mən ingilislərin, elə də bizim çıxılmaz vəziyyətdə olduğumuzu bilirəm və cənab generalın bütün dediklərini təsdiq edirəm. Onu da demək istəyirəm ki, ingilislər çəkildikdən sonra yerli qoşun onları əvəz edə bilməyəcəkdir. Çünki hər kəs ağzını bir tərəfə tutub gedir. Bolşeviklər iş başından çəkildikdən sonra yerli qoşunun intizamı tamamilə pozulmuşdur. Bunlara baxmayaraq mən cənab generaldan rica edirəm ki, Bakını boşaltmaq işində çox da tələsməsinlər. General bu sözlərə cavab da vermədi. Mərkəzi Kaspi Diktaturası üzvləri yenə də növbətlə nitq deməyə başladılar. General bu nitqləri dinləmədi. Ancaq: – Mən gedirəm,—dedi,—siz yaxşı fikirləşin. General çoxdan çıxıb getmişdi. İclasdakı menşevik, eser və daşnaq nümayəndələri kefləri istəyən qədər danışırdı. Hər kəs öz bildiyini danışırdı. Danışmaq bacarmayan və sözü olmayanlar isə əl qaldırıb söz alır və: – Mən də filan ağanın dediyinə şərik oluram—deyirdi. Bəziləri də şüar atırdı: – Biz Bakını son damla qanımıza qədər müdafiə edəcəyik, yaşasın Mərkəzi Kaspi Diktaturası! Bir neçə saatdan sonra ingilis generalı Denster-Vil iclasın nəticəsini bilmək üçün təkrar maşına oturub iclasa gəldi. Hələ nitqlər davam edirdi. Yenə də hökumət qəti bir qərara gəlməmişdi. Nəhayət, iclas uzun çəkdiyi üçün hərbi nazir Baqratuni danışdı: – Ağalar! Danışıqlara nəhayət verməliyik. Burada eşitdiyimiz sözləri dönə-dönə eşitmişik. Yaxşı olardı ki, bu günkü iclasda bir qərar çıxaraydınız. Baqratuni sözü qəti qoyduqdan nitqlərin vaxtı qismən qısaldıldı. İki kərə danışanlara üçüncü kərə söz verməmək qərara alındı. Hamısı sözünü bitirdikdən və bir sözü on dəfə təkrar etdikdən sonra ingilis generalına bir etiraz məktubu yazmağı qərara aldılar. Məktubu düzəltmək Sadovski və Ayolloya tapşırıldı. Velonts isə tez-tez stenoqrafçılara müraciətlə deyirdi: – Sizə bir daha tapşırıram ki, danışılan sözlərin bir kəlməsi də stenoqramdan düşməməlidir, çünki bu günkü iclasda danışılanlar tarixi və məsuliyyətli sözlərdir. Baqratuni dedi: – Bu sözlər yüzlərcə iclasda deyilənlərin təkrarıdır! Bu günkü iclasın stenoqramı əvəzinə, istədiyiniz iclasın stenoqramını ala bilərsiniz. İclasdakıların heç birisinə yerindən qalxmaq imkanı vermədilər, çünki Ayollonun təklifinə görə ingilis generalına yazılan etiraz məktubu, ümumi iclasda oxunmalı və səsə qoyulmalı idi. Məktub yazılıb bitdi. Onu oxumaq məsələsi üzərində də uzun-uzadı mübahisə getdi. Axırda hərbiyəçilər acıqlanıb getmək istərkən, Sadovski dedi: – Ağalardan xahiş edirəm, əyləşsinlər. Məktubu oxumaq məsələsini səsə qoyacağam! Əyləşdilər. Oxumaq üçün iki nəfər namizəd göstərdilər. Ayollo və Velontsu səsə qoydular, təkliflərin ikisi də bərabər səs aldı. İki nəfər də bitərəf qaldı. Yenə də mübahisə qızışdı. Bu sırada ingilis generalı bir daha telefonla nəticəni soruşdu. Lakin məktubu oxumaq üçün heç bir kəsdə cürət yox idi. Çünki Mərkəzi Kaspi Diktaturası üzvləri bir-birinə inanmır və ingilislərə qarşı etiraz sözünü dilə gətirməyə cürət etmirdilər. Məktubun yarısını Ayollo, yarısını Sadovski oxumalı oldu: «Cənab general! Biz sizinlə hərbi müqavilə bağladıqda, Bakının, eləcə də müttəfiqlərin mənafeyi uğrunda, öhdəmizə məsul bir vəzifə aldıq. Bizim sizinlə ittifaq bağlamağımız bolşeviklərlə olan əlaqəmizə çox pis təsir etdi. Biz bolşeviklərin qoşun, ərzaq və silah yardımından məhrum olduq. Biz Rusiyanın yardımını istəmədik. Çünki Avropada sülh və salamatlığı təmin etmək və Brest-Litovsk müqaviləsi kimi təhqiredici bir müqaviləni ləğv etmək, almanların hərbi planlarını pozmağa çalışmaq üçün ingilislərlə ittifaq bağlamaq lazım idi. Hazırda cənab generalın türklərə təslim olmaq təklifini, bizim ingilislərlə olan ittifaqımızı pozduğu və Bakını təhlükə altında qoyduğu üçün biz bu təklif münasibətilə, məsuliyyəti öhdəmizdən atırıq. Mərkəzi Kaspi Diktaturası». Bakı, 31 avqust. * * * XXXII. Sentyabrın 14-də Bakı İngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi. İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi. İngilislər bu məsələnin həyata keçməsini tələsdirdilərsə də, türklər də tələsərək, Bolqarıstan müttəfiqlərdən ayrılmamış Bakı məsələsini bitirmək istədilər. İngilislər Bolqarıstan məsələsinə ümid bağlamayıb, türklərin mərkəzdə məğlub olmasına inanmasaydılar, sentyabrın 14-də deyil, avqust ayının 31-də Bakını boşaldacaq və İrana çəkiləcəkdilər. Lakin Türkiyə mərkəzdə, ingilislərin Bakıdakı məğlubiyyətindən çox sonra məğlub oldu. Sentyabrın 14-də türklər çoxdan bəri davam edən Bakı məsələsinə son qoymaq istədilər. Ayın 13-də Mərkəzi Kaspi Diktaturası üzvləri axşamdan başladıqları iclası, səhər saat dördə qədər davam etdirdilər. Nuri paşa və Mürsəl paşanın hücum əmri qoşun hissələrinə xəbər verildiyi vaxt, diktatura üzvləri də növbətlə nitqlər deyir və öz-özlərini alqışlayırdılar. Sentyabrın 14-də səhər saat dördə, Bakını titrədən dəhşətli top gurultuları iclasa yekun vurmuş oldu. İclas bitmişdi, hərbi nazir Baqratuni baş komandan Dukaçiyevdən bu telefonaqramı aldı: «Türklər səhər saat dördə, Volçı-Vorotdakı hissələrimizə şiddətli hücum etdilər. Bir neçə təkrar hücumlar nəticəsində düşmən Volçı-Vorotu almaqla çəbhəni yarmağa müvəffəq oldu. İndi bütün möhkəm təpələr düşmənin əlindədir. Düşmən mövqeləri ilə şəhərin arasındakı məsafə dörd kilometrdən artıq deyildir. Türk piyadaları, toplarını yeni aldıqları mövqelərdə yerləşdirməkdədirlər. Hazırda onlar böyük bir qüvvətlə hücum etməkdə və sol qanadımıza təzyiq etməkdədirlər. Müharibə xətti mərkəzi düşmən əlindədir. Buna da səbəb ingilislərin Şimali Stafford alayının çəkilməsi olmuşdur. Biz səhər saat səkkizdə bütün qüvvəmizi toplayaraq, türklərin hücumunu dayandırmağa müvəffəq olduq və Bakı qoşunu iki dəfə qəhrəmançasına əks hücum etdisə də düşməni mövqelərindən çıxarmaq mümkün olmadı. Gələcək əmrinizə müntəzirəm! General Dukaçiyev». Bakı, 14 sentyabr. Saat 11—22 dəqiqə. Hərbi nazir dəstəyi götürüb hökumət üzvlərini səsləmək və məsələni müzakirə etmək istədisə də, müvəffəq olmadı. Çünki onlar şeylərini yığışdırmaq və körpüyə qaçmaq üçün hazırlaşırdılar. Hökumət idarələrində heç kəs yox idi. Nazirlərdən başlamış kiçik polis məmurlarına qədər hamı canının qeydinə qalmışdı. Müharibə şiddətlə davam edirdi. Türk toplarının külləsi İnkiltərə ərkani-hərbi yerləşən «Yevropa» otelinə düşməkdə idi. Generalın əmrinə görə ərkani-hərb təcili surətdə gəmiyə köçdü. Lakin bir dəqiqə keçmədən ərkani-hərbin yerləşdiyi gəminin ətrafına top küllələri düşməyə, suda coşqun dalğalar və dəhşətli tufanlar yaratmağa başladı. Leyla və başqaları şəhər içərisindəki vəziyyəti tez-tez Türkiyə ərkani-hərbinə xəbər verirdi. Şəhəri başlı-başına buraxıb qaçmaq haqqındakı qərar qəti idi. Lakin bunu yerli xalqa bildirmək və qoşunları qaranlıq düşmədən hissələrdən geri qaytarmaq şəhərdə başsızlıq törədəcək və ingilislərə qarşı daxili üsyan yarada biləcək idi. Bunun üçün də İnkiltərə hərbi komandanlığı görkəm üçün şəhərə gəzmə qoşun dəstələri çıxarıb daxili asayişi bərpa etməklə bütün hərbi ləvazimatı səfərə hazırlamağa başlamışdı. Qoşun hissələri və çəbhədəki bölüklər isə gecə saat 10-da, hava qaranlıqlaşdığı vaxt gəmilərə çəkiləcəkdi. General bir gün əvvəl «Abo» və «Kursk» gəmilərinin İngiltərə qoşunlarını İrana daşımaq üçün hazır olmasına əmr vermişdi. Şəhər içərisində dolaşmaq çox da qorxulu deyildi. Çünki türklərin top atəşi müəyyən mövqeləri döyməkdə idi. Buna baxmayaraq küçələrdə çox az adam tapılırdı. Küçə dükanlarından başqa hər yer qapalı idi. Ermənilər türklərin, türklər də ermənilərin qorxusundan küçələrə çıxa bilmirdi. Yerli ermənilər neçə gündən bəri gəmilərlə İrana və Türküstana köçürdü. Lakin bu, yoxsullar üçün mümkün deyildi, çünki onlar nə pul tapa bilir və nə də gəmiyə oturmağa imkan tapırdılar. Erməni işçi və kəndlilərini daim öz xain məqsədlərinə qurban etməyə çalışan erməni burjuaziyası və onların nökərləri—daşnaq rəhbərləri Bakını çoxdan tərk edib getmiş və erməni yoxsullarını sultan ordusunun «mərhəmətinə» tapşırmışdılar. Dörd ay ərzində dörd üsuli-idarə dəyişən Bakı, yaxın gələcəyi qarşılamağa hazırlaşarkən Mərkəzi Kaspi Diktaturası üzvləri də özünün 44 günlük hökumətinə məxsus arxivini və bolşeviklər əleyhinə söylənən nitqlərin stenoqramını böyük bir torbaya yığıb tarixi sənəd kimi özlərilə aparmağa hazırlaşırdılar. Türkiyə ərkani-hərbi böyük və kiçik zabitlərinin, paşaların və şəhər komandanlığının düşəcəyi binalar vaxtında müəyyən edilmiş və telefonla Türkiyə ərkani-hərbinə bildirilmişdi. Şəhərdə çörək tapılmırdı. Ordunu təmin üçün əsas hazırlıq Mərdəkanda görülürdü. Hacının bağında başqa şeylərlə bərabər çörək də bişirilmişdi. Hacının şəhərdəki evində isə paşaların şərəfinə ziyafətə hazırlıq gedirdi. Mart hadisəsindən sonra Bakı bağlarına çəkilən xalq, şəhərə köçmək üçün araba tutur və şeylərini toplayırdı. Yerli burjua mətbuatı da gündəlik ahəngini dəyişir, ingilislərin mədhinə məxsus səhifələrdə, Alman-Türkiyə silahının qələbəsinə dair poemaları dərc edirdi. Şeyxülislam saqqalına xına yaxır, mollalar üst-başını düzəldir, məscidlərin həsirləri üzərinə gözəl xalçalar salınır, şəhər içərisindəki müsavatçılar isə milli komitənin Gəncədən Bakıya köçməsi intizarını çəkirdi. İngilislər Bakıdan çıxarkən, həbsxanada saxlanan 26 Komissar haqqında qəti tədbir görmüşdülər. Ordunu köçürmək üçün hazırlanmış «Abo» və «Kursk» gəmilərindən başqa bir də «Türkmən» gəmisi hazırlaşırdı. Bu gəmi 26 Komissarı və cəllad kimi onların başı üstə dayanan bir dəstə ingilisi, menşevik, eser və daşnaqı Krasnovodskiyə götürəcək idi. İngilislər, Çaparidze, Şaumyan, Məşədi bəy, Fioletov və onların yoldaşlarının Zakaspi çöllərində məhv edilməsi məsələsini Tiq-Çonsona və onun başındakı adamlara tapşırmışdı. Onlar həbsə alınmış Bakı bolşeviklərinin Aşqabad və Orta Asiyada ingilislərin rəhbərliyi ilə işləyən əli qanlı sosialistlərə, sadovskilərin həmməsləklərinə hədiyyə aparmağı qərara almışdı. Bu məsələ kommunaya sadiq qalan və neft buruqları arasında gizli çalışan işçilərin iclasında müzakirə edilirdi. Lakin 26-ları ingilislərin pəncəsindən qurtarmaq üçün heç bir vasitə mövcud deyildi. Bakı proletariatı Moskva və Həştərxanla əlaqə saxlamaq və işçiləri təşkil etmək, bununla da gələcəkdə Bakı proletarlarının qalib gəlməsinə çalışmaqdan başqa bir qərar çıxara bilmədi. Bakı bolşevikləri ən əvvəl, xəstə cəhətlərin islahına çalışmağı qərara aldı ki, burada vəzifə: işçilərin siyasi-sinfi düşüncəsini artırmaq, onlara menşevik və eserlərin xəyanətini bildirmək, Bakı proletariatının internasional birliyini qüvvətləndirməkdən ibarət idi. Bir sıra sinfi şüuru zəif olan işçilərin həqiqi xətti-hərəkətdən ayrılmasını və kor-korana olaraq düşmənlərə yardım göstərməsini nəzərdə tutmaqla, gizli fəaliyyətə keçən Bakı bolşevikləri, həbsxanadakı rəhbərlərdən aldıqları məktubları rəhbər tutub gələcək mübarizə yollarını təyin etməyə qərar verdi. Bakı işçilərinin vəziyyəti olduqca ağır idi. Onlar Bakı Kommunasını itirdiyi, açıq fəaliyyət imkanlarından məhrum olduğu zamanda, öz qarşısında ciddi mübarizə tələb edən yeni hadisələr görürdülər. Bu gün, ya sabah sultan ordusu şəhərə girir, heç şübhə yoxdur ki, onlar da şəhərdəki bolşevikləri təqib etməkdən, şəhərdə səpilmiş milli ixtilaf toxumlarının göyərməsinə, əvvəlkindən daha artıq alovlanmasına çalışmaqdan boyun qaçırmayacaqdı. Türklərin dalınca əksinqilabi «müsavat» hökumətinin aparatı və işçilərin qardaşlığını pozmaq üçün düzəlmiş təşkilatı Bakıya gəlməyə hazırlaşırdı. Sentyabr ayının 14-də Bakı işçiləri belə bir çətin vəziyyət qarşısında idilər. Azərbaycan işçiləri arasında işləmək, Azərbaycan kəndlilərinə öz düşmənlərini yaxşı tanıtmaq və yenicə təşkil olunmağa başlayan bəy-xan və istismarçılar hökumətini ifşa etmək, Rusiya işçilərinin qardaşlıq yardımına istinadən «müsavata» və onun arxalandığı qüvvələrə qarşı amansız mübarizə açmaq 26 Komissarın Bakı işçilərinə son tapşırığı idi. Axşam saat 6-da Raya, Vahan, Heydər, Pavluşa, Jenya, Məhəmməd, Əsgər, Qulu iclasdan çıxıb Vahanın evinə yığıldılar. Onlar Esterin təcili məktubunu oxudular: «Əzizim Raya! Vəziyyət aydınlaşdı. Bu gecə saat 12-yə qədər şəhərdə bir nəfər də ingilis qalmayacaqdır. Çəbhələr saat 10-da tərk ediləcəkdir. Şəhərdə qalan və indiyə qədər bir tərəfə gedə bilməyən bolşeviklərin siyahısı tutulur. Raya, 26 Komissarın ailəsini də böyük təhlükə gözləyir! Onlar çıxıb bir tərəfə getməlidirlər. Atam isə məni Keyvortun əlinə verməyi və özü ilə bərabər İrana aparmağı qət etmişdir. Mən isə sənin dediyin kimi hər şeyi hazırlamışam. Axşam saat 10-da sizi gözləyəcəyəm. Ester». Bakı, 14 sentyabr. Raya məktubu oxuduqdan sonra başını çevirib divardakı saata baxdı və üzünü yoldaşlarına çevirib dedi: – Yoldaşlar, vaxtdır! Bir çox yoldaşları türk paşalarının əlindən qurtarmaq üçün ixtiyarımızda olan iki-üç saatın bir dəqiqəsini belə itirməməliyik. Onlar saat səkkizdə şəhərə getmək üçün Vahanın evindən çıxdılar. Leyla bir saatdan bəri oturub düşünürdü. Onun zehnini məşğul edən iki mühüm məsələ idi. Biri özünün Türkiyə casusu və Türkiyə tərəfdarı olduğunu son saatlara qədər ingilislərə bildirməməyə çalışmaq, ikinci isə, Esteri həbsə almaq və onun vasitəsilə də Rayanı və onun birləşdiyi bolşevikləri ələ gətirməkdən ibarət idi. Qapının zəngi çalındı. Qapıçı ingilis miralay Sondersin gəldiyini bildirdi. Leyla təcili ayağa qalxaraq, çamadanı evin ortasına qoydu və şkafdakı paltarları ortalığa tökdü. Sonders içəri daxil olduqda Leyla xanımı səfərə hazırlaşan görüb dedi: – Mən də xanımın yanına bunun üçün gəlmişdim. Xanımı gəmiyə aparmaq üçün mənim öz xüsusi maşınım saat 10-da göndəriləcəkdir. Bəlkə də gəmilər saat 11-də limandan uzaqlaşdı, çünki çəbhələr tamamilə tərk olunur. Gecə türk süvarilərinin şəhərə girməsi ehtimal olunur. Leyla həyəcanlı bir vəziyyət alaraq dedi: – Aman, miralay, ehtiyatlı olun! Maşın göndərməyə lüzum yoxdur. Mənə əlli göz baxır, məni təqib edənlər fürsətdən istifadə edə bilərlər. Faytonda gələcəyəm. Ancaq məni körpüyə buraxmaq üçün vəsiqə lazımdır. Miralay Sonders razılaşdı: «İngilis dostlarını» körpüyə buraxmaq və Bakıdan qaçırmaq üçün düzəldilmiş vəsiqələrdən birisini çıxarıb Leyla xanıma verdi və dedi: – Körpünün qapısında duran mayor Leydir. O, vəsiqəsiz də sizi tanıyır. O, sonra da generalın xüsusi məktubunu çıxarıb Leyla xanıma təqdim etdi və vidalaşıb ayrıldı. Leyla generalın məktubunu açdı. «Möhtərəm Leyla xanım! Sizi gəmiyə aparmaq üçün özüm gələ bilmədim. Çünki ordunu köçürmək üçün bütün məsuliyyət mənim öhdəmdədir. Sizə özümün və ərkani-hərbi gəmisində xüsusi otaq hazırlanmışdır. İstirahətiniz təmin ediləcəkdir. Sizi köçürmək vəzifəsi miralay Sonders cənablarına tapşırılmışdır. General Denster-Vil». 14 sentyabr. Leyla məktubu stol üzərinə atdı, ortalığa töküdüyü paltarını və çamadanları götürüb yerinə qoydu. Telefon dəstəyini götürüb Araratyanın evinə zəng etdi: – Doktorun özüdürmü?.. Axşamınız xeyir olsun!.. Cənab doktor, hazırmısınız?.. Mən də hazıram! Bu saat miralay Sonders, generalın məktubunu gətirdi. Mən generalla ərkani-hərbin yerləşdiyi gəmi ilə gedəcəyəm. Mən çox arzu edərdim ki, biz birlikdə gəmiyə gedə idik. Doğrusu mən çox qorxuram, azərbaycanlılar məni təqib edir. Mən sizin yolunuzun üstündə yaşayıram. Köçüb Hacının evinə gəlin. Oradan birlikdə körpüyə gedərik. Esteri telefona çağırın!... Beş dəqiqə?!.. Eybi yoxdur... Rica edirəm Estərə mənim dilimdən salam söyləyin! Leyla dəstəyi yerinə asdı. Beş dəqiqə sonra telefon zəngi çaldı. Leyla tələsik dəstəyi götürdü. – Dinləyirəm... ay qız, harada idin?.. Vannada?.. Yola çıxmaq vaxtında da vannaya gedərlərmi!.. Ester, mən istəyirəm ki, yığışıb bura gələsiniz, birlikdə gedək. Nə üçün?.. Miralay Keyvort?.. Qoy gəlsin!.. Miralay Sonders generaldan məktub gətirmişdi. Birlikdə gedərik... Çünki mən sənsiz getmək istəmirəm. Leyla acıqlı halda dəstəyi asaraq evi dolaşmağa və öz-özünə danışmağa başladı: «Mən bu erməni qızını ələ gətirə bilməyəcəyəmmi?»—deyə otaqdan çıxdı. Salonda paşalara səhər yeməyi vermək üçün ziyafət hazırlanırdı. Hər şey öz yerində idi. Leyla hazırlıq işlərini gözdən keçirdikdən sonra şəhərin kənarında yerləşən Türkiyə ərkani-hərbinə telefon etdi. – Düz saat 10-da ingilis qoşunları çəbhəni tərk edir. Araratyanın qızını bir saat sonra həbs edəcəyəm. Onlar bu gecə ingilislərlə bərabər İrana köçür. İngilislər «Abo» və «Kursk» gəmisinə toplanırlar. Gəmilər saat 11-də Bakı limanından çıxacaqdır. Şəhər başlı-başına qalmışdır. Xalqın böyük bir hissəsi körpülərdədir. Araratyan çox tələsirdi. O, ingilislərin müsaidəsilə əlinə gələni gəmiyə daşıyırdı. Ester də öz şeylərini və zinətlərini iki kiçik çamadana doldurmaqda idi. O, heç də tələsmirdi və atasının həyəcanına cavab olaraq deyirdi: – Nə üçün də biz tələsirik? Madam ki, otağımız gəmidə hazırdır, madam ki, biz ərkani-hərbin gəmisində gedirik, daha tələsməyə nə lüzum var? Araratyan qızına nəsihətverici halda dedi: – Qızım, demirəm ki, sən ağılsız qızsan. Lakin bəzi mühüm işlərdə çox soyuqqanlı tərpənmək də yaramaz. Özün bilirsən ki, Mərkəzi Kaspi Diktaturası üzvləri gizlənmək üçün siçan deşiyi arayırlar. Onlardan bir-ikisi gedib yerimizi tutsa nə deyə biləcəyik? İngilislər də heç vaxt onların xatırına dəyməz. Ester: – Keyvort bizə ehtiram bəsləyir, nə olur-olsun o, bizim istirahətimizi təmin edəcəkdir,—deyə Araratyanı təskin edirdi. Miralay Keyvort daxil oldu. O, Esterin getməyə hazırlaşdığını görüb həddən artıq sevindi. Çünki Ester neçə gün bundan əvvəl nə İran, nə Türküstana gedəcəyini və ancaq Bakıda qalacağını söyləmişdi. Keyvort dedi: – Gəminin hərəkət etməsinə saat yarım qalmışdır. Bir saatdan sonra şəhərin asayişini saxlamaq üçün təyin edilmiş ingilis gəzmə qoşun dəstələri də götürüləcəkdir. Şəhərdən qoşun çəkilməmiş, siz gəmiyə getməlisiniz. Bəlkə də qoşun çəkildikdən sonra iğtişaş və talan başlandı. Ester qara gözlərini ingilis miralayına çevirərək soruşdu. – Bizim gəmiyə tez getməyimizdən maraqlanırmısınız? Miralay öz hiyləgər və ingilis diplomat dilini işə saldı: – Əlbəttə maraqlanıram! Siz mənim Qafqaz səfərimdən canlı bir xatirəsiniz. Mən London xalqı arasında fəxr edəcəyəm. Mən heç vaxt iftixar etdiyim bir familiyanı təhlükə qarşısında qoyub getməyəcəyəm. Ester nazlanır və şeylərini yığmağa o qədər də tələsmirdi. O dəstəyi götürüb Leylanı səslədi. – Leyla xanım! Şeylərini faytona qoy, bizə gəl! Miralay da buradadır. Gəl!.. Gəl!.. Gəl!.. Buradan birlikdə gəmiyə gedək... Nə üçün?.. Eybi yoxdur! Faytonla gəl bizə, bir yerdə getdikdə sənin şeylərini də Hacının evindən faytona qoyub apararıq... İnana bilərəmmi? Bircə dəfə de ki, «sənin canın üçün gələrəm» mən inanım... İndi isə inandım... Tez-tez!.. Ester miralaya dedi: – İndi hər şey bitdi. Leyla xanım da bizə gəlir. Birlikdə getdiyimiz vaxt onun da çamadanlarını götürüb faytona qoymalıyıq. Miralayın gözləri işıqlandı və ümidləri canlandı; o qoynundan çıxardığı iki parça kağızı Esterə verib dedi: – Bunlar körpüyə keçmək üçün vəsiqədir. Körpünün qapısında mayor Ley duracaqdır. Onun özünə də tapşırmışam. Mən daha dura bilməyəcəyəm, çünki ixtiyarımda olan hissələrin gəmilərə yerləşdirilməsinə nəzarət etməliyəm. Keyvort Esterin əlini öpdü və eşiyə çıxdı. Ester yenə tələsmirdi. Araratyanın təkidinə, təhqiredici sözlərinə baxmayaraq, Esterin hər parça şeyi götürüb çamadana qoyması bir neçə dəqiqə çəkirdi. Qapıda bir fayton dayandı. Bu fayton Esteri götürməyə və Leylanın əmri ilə aparıb Bakı evlərinin birində həbsə almağa gələn fayton idi. Digər faytonda da Leyla xanım gəlmişdi. Leyla xanım Esteri özü ilə götürüb aparmaq üçün öz şeylərini də Hacının evindən çıxarmışdı. Çünki ingilislərin Esteri axtarmaq üçün Hacının evinə gələcəyindən qorxurdu. Leyla xanım içəri girdikdə Esteri qucaqlayıb öpdü və dedi: – Nə üçün təxir edirsiniz?! Gəmilərin hərəkətinə az qalmışdır. Bu sözdən sonra Leylanın özü də Esterə şeylərinin toplanmasına yardım etməyə başladı. Onlar şeyləri götürüb aşağı düşdüyü vaxt gəmilər də ikinci dəfə fit verib deyirdi: «Qaçmaq istəyənlər təxir etməsin!» Faytonlar bir-birinə qarışmışdı: hamı qaçır, ancaq sahilə, körpülərə doğru qaçırdı. Faytonlar erməni burjuaziyasının qapısında durub zəngin çamadanlarla yüklənib körpülərə yollanırdı. Araratyanın nökərləri şeyləri pilləkənlərdən düşürüb faytonlara yığırdı. Hamıdan sonra Leyla ilə Ester aşağı endi, qapının qabağında duran faytonçulardan biri Leyla xanıma müraciətlə dedi: – Xanım, buradayam! Buyurun əyləşin! Leyla xanım, öz faytonu zənn edərək çıxıb əyləşdi. Ester də çamadanlarını qoyub oturdu. Araratyan şeylərini iki faytona yığdı. Birində özü, o birisində xidmətçisi əyləşdi. Onların faytonları qabaqca, Leyla və Esterin oturduğu fayton isə arxada gedirdi. Bir az sonra Leyla və Ester əyləşən fayton yolunu dəyişdi. Bu yol körpüyə gedən yol deyildi. Lakin Leyla və Ester buna etiraz etmir və danışmırdı. Leylanın fikrincə, fayton onu Hacının evindən götürən faytondur ki, o, Esteri həbs etmək üçün təyin olunmuş evə aparmaqdadır. Lakin bir az sonra fayton öz yolunu yenə dəyişdi. Leyla həyəcanlandı və faytonçuya sual verdi: – Sən məni hara aparırsan? Faytonçu yavaşıdı və dedi: – Həbsxanaya! Leyla bir az sakit oldu, faytonçunun öz faytonçusu olduğunu və Esteri həbsxanaya aparmaq istədiyini zənn etdi. Lakin o yenə də bu yollardan şübhələnirdi, çünki bu yol yuxarı məhəllələrə deyil, neft mədənlərinə doğru idi. Fayton sürətini artırdı. Leyla artıq yoldan uzaqlaşdığını yəqin edərək dedi. – Qaytar!.. qaytar, deyirəm sənə!—Fayton durdu. Dalınca gələn bir fayton da onlara yanaşdı. Faytondan iki nəfər düşüb Leyla və Ester oturan faytona çıxdı. Onlar tapançalarını çıxarıb qızların köksünə dirədilər: – Susun! Yoxsa hər ikiniz öləcəksiniz! Faytonçular atları döyməyə və mədənlərə doğru sürməyə başladılar. Leyla xanım yalvarıcı bir səslə: – Mərhəmət edin! Məni haraya aparırsınız?—dedikdə Heydər cavab verdi: – Sən Rayanı göndərdiyin yol ilə gedirsən! Leyla məsələni anladı və dedi: – Mən Rayanı heç bir yerə göndərməmişəm. O, Şimali Qafqaza getmişdir. Bu sözdən sonra silahlılardan biri dilləndi: – Raya Şimali Qafqazdan qayıtmışdır. Tapançanı sənin köksünə dirəyən Rayanın özüdür! Raya, Vahan və Heydər birlikdə içəri girdi. Vahanın anası Şuşanik xala onları qarşılayıb soruşdu: – Bəs balam harda qaldı?! Bəs Esteri gətirmədinizmi? Bu halda qapı açıldı, Ester də Əminə ilə bərabər evə girdi. Şuşanik xala yüyürüb onun boynunu qucaqladı. Ester də, Şuşanik xala da ağladı. Raya Esterin əlindən tutub Vahanın əlinə verdi və dedi: – İndi nə doktor Araratyan, nə Hamazasb, nə Avetisov, nə ingilis generalı və nə də miralay Keyvort vardır. İndi bir Vahan, bir də Ester var! Yaşayın, uşaqlığın zəngin xatirələri ilə gəncliyi idraklı və şüurlu bir surətdə yaşadınız! Rayanın gözü yaşardı, qayıdıb Əminəni öpdü: – Təəssüf ki, sənin xoşbəxtliyini görmədən gedirəm!—hamı onun üzünə heyrətlə baxdı. Vahan isə onun əlini əlinə alaraq dedi: – Hara gedirsiniz? Belə qorxulu zamanda sizi heç bir tərəfə buraxmayacağam! Raya əlini atıb çamadanını götürdükdə Ester yüyürüb onu tutdu: – Söylə, Raya, söylə! Hara gedirsən? – Tiq-Çonsonun yanına! İyirmi altı Komissarın aparıldığı yerə! Tarixin qanlı romanını yazmaq üçün! Raya çamadanını qapıda duran faytona qoyub özü də oturdu. Rayanın faytonu küçələrdən ötdüyü vaxt ingilislərin son gəzmə qoşun dəstələri də şəhəri tərk edib körpüyə çəkilirdi. Küçələrdə heç kəs görünmürdü. Qaçanlar qaçmış, evində qalanlar isə qapıları bağlayıb sabahın nə xəbərlə açılacağını gözləyirdi. İngilis saldatları yalnız sahil küçələrini müdafiə edir və hər tərəfdən axıb gələnlərin vəsiqələrini yoxlayaraq, körpüyə buraxırdı. Rayanın oturduğu fayton körpü qapısında dayanarkən gəmilər də üçüncü siqnalı verirdi. Raya faytondan düşərək çamadanını götürdü və qapıya yanaşaraq mayor Leyin qarşısında durdu. Mayor Ley əvvəlcə Rayanı tanımadı və soruşdu: – Xanım nə istəyir? Raya çamadanı mayor Leyin yanındakı ingilis saldatına uzadaraq: – Al bunu, cənab Tiq-Çonsonun yanına apar!—dedikdə mayor Ley onu tanıdı və əskəri nizam alaraq: – Xanım buyura bilər!—deyə yol açdı. Tiq-Çonson əllərini dalında daraqlayıb miralay Sondersla danışır və «Türkmən» gəmisinin dənizə çıxıb-çıxmaması haqqında məlumat alırdı. Sonders dedi: – «Türkmən» gəmisi yarım saat əvvəl yola düşmüşdür. Tiq-Çonson öz ovucunda bir əl duydu və tələsik dönüb baxdıqda, Rayanı görüb heyrətlə soruşdu: – Əcəba, siz Şimali Qafqazdan gəldinizmi?! – Mən Şimali Qafqaza getməmişdim. – Bəs harada idiniz? – Həbsə alınmışdım! – Harada? – Bakı varlılarından Ağabala Quliyevin evində. – Sizi kim və nə üçün həbsə almışdı? – Türkiyə casusları! – Casusları? – Bəli, casusları! Mən məsələni sizə müfəssəl danışacağam. Rayanın çamadanını Tiq-Çonson göstərdiyi kayuta apardılar, Tiq-Çonson Rayanın məsələsini təcili generala xəbər verdi, general gəlib onun əlini sıxdı və çəkdiyi əziyyətlərə görə ona təsəlli verməyə başladı. Rayanın yanındakılar arasında miralay Keyvort da vardı. O, Esteri gözləyirdi və tez-tez: – Gəlmədi! Yubandı!—deyə körpünün qapısına baxırdı. Miralay Sondersin həyəcanı daha artıq idi, çünki Leylanı köçürmək məsələsini general ona həvalə eləmişdi. Generalın özü də tez-tez gəlib soruşurdu ki, Leyla xanım harada qaldı? Doktor Araratyan dəli olmaq və özünü dənizə atmaq dərəcəsinə gəlmişdi. O, generala müraciətlə: – Rica edirəm, gəminin beş dəqiqə təxir etməsinə icazə verəsiniz. Qızım qaldı, mən onu burada buraxıb gedə bilmərəm. General icazə verdi, lakin nə Leyla, nə də Esterdən xəbər çıxmadı. Tiq-Çonson Rayanın əlindən tutub pilləkənlərdən gəmiyə qaldırdığı vaxt, doktor Araratyan da bir ayağı körpüdə, bir ayağı da pilləkəndə dayanmışdı. Gəmilərin lampaları keçdi. Çünki Bakıdan qaçan ingilislər, «Ərdəhan» hərbi gəmisinin onları topa tutacağından qorxurdu. General balkonda durub son dəfə Bakıya baxır və öz-özünə deyirdi: – Bakıdan heç bir şey apara bilmədim! Lakin hər şeydən qiymətli olan bolşevik rəhbərlərini aparıram... * * * XXXIII. Osmanlı xəfiyyəsi Osmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi. Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər. Teymurbəy Aşurbəyovu çağırıb, möhkəm döydürdülər. Fəqət heç kəs Leyladan xəbər verə bilmədi. Teymurbəy bu işdə çalışacağını vəd etməklə müvəqqəti buraxıldı. Nəhayət, Leylanın şeylərini yoxlamaq və bir iz əldə etmək məqsədilə komissiya təyin olundu. Komissiyaya ərkani-hərb zabitlərindən süvari komandanı Nəcməddin bəy də daxil oldu. Əvvəlcə Leylaya Nurəddin bəy Savlayevdən miras qalmış çamadanları açdılar. Şeylərin içərisindəki kağızlar və vəsiqələr bir-bir gözdən keçirildi. Qalın bir kağız qoluğunu açdılar. Savlayevin qoluqdakı xatirat dəftərçəsini və gündəliklərini gözdən keçirtdilər. Burada Savlayev Nurəddin, hərbi məktəb bitirdikdən Ağcaqabul çəbhəsindəki qılınc müharibəsində məhv olduğu günə qədər başına gələnləri yazmışdı. Süvari komandanı Nəcməddin bəy sanki bu vəsiqələrdən özündə bir dəyişiklik duydu. Savlayevin şeylərinə diqqət verilməsini əmr etdi. Nəcməddin bəy şeylər içərisindən Savlayevin kiçik rəsmini götürüb çox diqqətlə baxırdı. Nəcməddin bəy fotoşəklə baxarkən, birdən-birə Ağcaqabul çəbhəsini xatırladı, o, iyul ayının 7-də Kür çayı körpüsünü əldə etmək üçün baş vermiş atlılar müharibəsini və orada qılıncla öldürdüyü kazak zabitini gözünün önünə gətirdi. Nəcməddin bəyin vücudu titrəməyə, nəzərində müdhiş bir kino lentası açılmağa başladı. O, Kür körpüsü üzərindəki müharibədə öldürdüyü kazak zabitinin öz əmisi Nurəddin olduğuna şübhələnmişdi. Nəcməddin bəy şeyləri diqqətlə araşdırmaq üçün komissiyaya bir daha tapşırıq verdi. Axtarışda Nurəddin Savlayevin polkovnik Biçeraxova yazdığı tarixi bir ərizəni tapdılar. «Cənab miralay! Mən 1918-ci il, mart ayının 20-dən etibarən, özümü çar ordusundakı vəzifəmdən azad hesab edirəm. Çar ordusunun ricəti və cənab miralayın İnkiltərə missiyası ilə hərbi müqavilə bağlaması mənim də çar ordusunda olan vəzifəmi bitirmiş oldu. Buna görə də yüksək rütbəli zabitlərin məsələsi həll edildiyi vaxt, mənim də məsələm həll edilməli idi. Hazırda cənab miralayın komandasında olan dəstənin vəzifəsi, İnkiltərə missiyası vəzifəsinə daxildir. Cənab miralaya bunu da ərz etməliyəm ki, İnkiltərə missiyasının vəzifələri sırasına daxil olmaq və ingilislərin tələblərini yerinə yetirmək, çar ordusu şəraiti içərisində çalışmaqdan qat-qat ağırdır. Mən gələcəkdə bu vəzifədə çalışacaq və vəzifəmi ingilislər dediyi kimi ifa edəcəyəmsə, mənim həyatımı yüngülləşdirmək üçün maaşım və yaşayış şərtlərim də dəyişməlidir. Cənab miralaya ərz etməliyəm ki, ingilislərə xidmət etməklə yaşamaq üçün ayda iki min manat rus qızılı lazımdır. Bu maaşım, İranda Qafqaza getdiyim zaman və ingilislərlə bərabər türklərə və sonra da bolşeviklərə qarşı hərbi hərəkətə başladığım zaman yenə dəyişməlidir. Cənab miralay mənim, öz dəstəsinə və eyni zamanda Baratov ordusunun İran və İraqdakı hərəkətinə nə qədər kömək və xeyir verdiyimi bilməmiş deyildir. Mən çar ordusunun qələbəsi yolunda bütün varlığımdan keçdim. Nəhayət, Şəhərban altındakı gecə hücumunda qardaşımı və onun qadınını öldürdüm. Cənab miralay özü bilir ki, hazırda qardaşımın yetim qızının məsarifi mənim öhdəmdədir. Mən əmin oluram ki, cənab miralay bunları nəzərə alaraq, yuxarıdan bəri göstərdiyim məsələlər barəsində sərəncam edəcəkdir. N. Savlayev Qəzvin, 29 may, 1918-ci il. Nəcməddin bəy şiddətlə ağladı və komissiya üzvlərini heyrətə gətirdi. O, ata və anasının öz əmisi Nurəddin tərəfindən öldürüldüyünü bildi. Anladı ki, Ağcaqabul müharibəsində Nurəddini özü öldürmüşdür və qeyb olmuş qız, öz bacısı Leyladır. Bunları təyin edərək dəli olmaq dərəcəsinə gəldi. Nəcməddin bəy, müharibə sənətini sevməyinə və qabaq səflərdə getməyə maraqlanmasına baxmayaraq müharibənin yaratdığı fəlakətləri və minlərcə ailələrin dağıldığını xatırlayaraq diksindi. O, hələ indiyə qədər müharibə fəlakətinin öz ailəsində törətdiyi faciələri görməmişdi. Nəcməddin bəy İstambulda hərbi məktəbdə ikən Çeçenistanda qalmış ailələrindən birisinin hərbi məktəbi qurtardığı və miralaylıq rütbəsinə çatdığını eşitmişdi. O, Qafqazın türklər tərəfindən işğalı zamanında əmisi ilə görüşəcəyini güman edirdi. Lakin müharibə Nəcməddin bəyin arzusuna müsaidə vermədi. O, öz əmisinin ölüm dəqiqələrində gördüyü kimi, bacısı Leylanın da adını itənlər sırasında oxudu. Savlayevin şeyləri siyahıya alındı, yenə də Leylanın harada olduğuna dair nişanə tapılmadı. Leylanın xüsusi sandıqçasını açdılar. Oradakı şeyləri yoxladılar. Kirmanşahdan Bakıya gəlincəyə qədər Leylaya verilən hədiyyələr siyahıya alındı. Şeylər arasında iş qoluqları və xatirat dəftərləri tapıldı. Əvvəlcə Türkiyə əks-kəşfiyyat idarəsi ilə olan əlaqəsinə dair vəsiqələr qoluqlarını götürüb kənara qoydular və xatirat dəftərlərini yoxlamağa başladılar. Dəftərlərin birində, Türkiyə əks-kəşfiyyat idarəsinə yazılmış məktubun qaralamasını tapdılar: «Mən doktor Yusifidisin mənimlə bərabər işlədiyini və iyul ayından bəri bizə böyük köməkliklər etdiyini qeydlə, onun bir çox mənfi və uyğunsuz hərəkətlərini də inkar edə bilməyəcəyəm. Onunla tanışlığımızda iş yoldaşı olduğumuza səmimi söz vermişdik. Mən onunla müsahibəliyimdə heç vaxt sevgi və ailə qurmaq söhbətləri danışmağa imkan verməmişdim. Lakin buna baxmayaraq, Yusifidis yenə də öz qısqanması ilə mənim işlərimə mane olurdu. Mən Mərkəzi Kaspi Diktaturası üzvlərindən Sadovski ilə yaxından tanışam. Onlardan lazımınca istifadə etmək mümkündür, lakin Yusifidis Sadovski ilə mənim aramda ixtilaf törədir. Buna görə də onu, ordumuz şəhəri alıncaya qədər cənab Ağabala Quliyevin bağında həbs etməyə qərar vermişəm. Bu barədə fikrinizi bilmək istərdim. Bakı, 25 iyul, 1918 Bu vəsiqə tapılandan sonra, Ağabala Quliyevi çağırdılar. Nəcməddin bəy ona sual verdi: – Doktor Yusifidis haradadır? – O, bu saat mənim bağımdadır? – Nə iş görür? – Əlində nə isə yazır. – Bəs indiyə qədər onu nə üçün buraxmamısınız? – Mənə ixtiyar verməmişlər. – Kim sizə ixtiyar verməmişdir? – Leyla xanım. – Leyla xanım haradadır? – Mən Leyla xanımla ancaq sentyabrın 12-də gündüz saat doqquzun yarısında görüşdüm. – O səni nə üçün yanına çağırmışdı? – Biz doktor Araratyanın qızı haqqında danışmalı idik. Biz o qızı oğurlamaq, onun vasitəsilə də həbsxanadan qaçan bolşevik qızı və onun əlaqədar olduğu bolşevikləri ələ gətirmək istəyirdik. – Onu ələ gətirə bildinizmi? – Xeyr! Biz əvvəlcə qızı Hacının evinə gətirməyi və orada həbs edərək yuxarı məhəllədə təyin olunmuş yerə göndərməyi qərara almışdıq. Lakin qız nədənsə Hacının evinə getmək istəmədi. Nəhayət, Leyla xanım, özü faytona oturub Araratyanın evinə getdi. – Nə üçün ora gedirdi? – Leyla xanımın əyləşdiyi fayton, öz faytonçumuz idi, fayton Leyla xanımı, erməni qızının həbs ediləsi binaya aparacaq idi. Mən ancaq bura qədər bilirəm. – Siz ayın 12-dən sonra Leyla xanımla görüşmədinizmi? – Mən ayın 14-də axşam saat səkkizdə də onunla görüşdüm. – Harada? – Hacının evində. – Siz ora nə üçün getmişdiniz? – Hacının sifarişinə görə evin hazırlığına nəzarət yetirməli idim. Çünki Hacı çoxdan bəri bağda idi. Evlərin təmizliyinə baxılmamışdı. Hacının əmri ilə anbarların ərzaqla təchizinə, bufetə aid şeylərin nöqsanlarını düzəltməyə, xüsusən möhtərəm paşaların şərəfinə ziyafət hazırlığına baş çəkməli idim. – Sonra? – Sonrasını bilmədim. Saat doqquzda erməni qızını həbsə aparmaq üçün iki nəfəri Araratyanın qapısına göndərdim. Leyla xanım qız ilə getdiyi vaxt onlar da faytona əyləşəcək və erməni qızının səs salmasına imkan verməyəcəkdi. – Sonra? – Sonra heç bir şey bilmirəm! – İndi siz, Leylanı Araratyanın evinə aparan faytonçunu və erməni qızını həbsə aparan qoçuları burada hazır etməlisiniz! Ağabala Quliyev faytonçunun və qoçuların dalınca getdikdən sonra doktor Yusifidisi Ağabala Quliyevin bağından gətirmək üçün maşın göndərildi. Ağabala Quliyev faytonçunu gətirib Nəcməddin bəyə təqdim etdi. Faytonçu heç qorxmurdu, lakin Ağabala Quliyev qorxusundan titrəyirdi. Nəcməddin bəy faytonçuya müraciətlə dedi: – Oğlan? Necə olubsa, elə də söylə! Nicat doğruluqdadır. Faytonçu papağını götürüb başını qaşıdı və komissiyaya sual verdi: – Oturmaq olar ki? – Olar! Otur. Fəqət lazımınca düşün, doğrusunu söylə! Faytonçu danışdı. – Doğrusunu axtarsanız, mənim faytonum çox qədim, çox da tarixi faytondur. Mənim faytonumu Bakıda tanımayan adam yoxdur. Mühüm işlər olanda, həmişə mənim faytonumu axtarıb tapırlar. Çünki mənim ağzım bütündür. Yanımda əlli adam öldürsələr səsi bir tərəfə çıxmaz. Budur, ağanın özü də buradadır. Bəşir bəy dəstəsi Musa Nağıyevi oğurladığı zaman mənim faytonumda apardılar. Bunlarda işim yoxdur! Bir neçə vaxt bundan qabaq, ağa gəlib mənə dedi ki, axşam saat 9-da faytonu gətirib Hacının qapısında saxlarsan, bir arvad tayfası var götürüb yuxarı məhəlləyə aparacaqsan, amma heç kəsə də bir söz deməyəcəksən. Dedim çox yaxşı, nəyimə gərəkdir. Faytonçunun peşəsi bütün keçəni ağalar üçün o tərəf-bu tərəfə arvad daşımaq deyilmi? Bu belə... Vaxtında getdim. Neçə saat gözlədikdən sonra bir rus qızını gətirib faytona qoydular. Özü də pis qız deyildi. Aparıb lazımi yerinə qoydum, qoy ağa desin, indiyə qədər bir dəfə də ağzımdan qaçırmışammı? Gərək ki, ayın 14-ü idi. Ağa buyurdu ki, yenə faytonu Hacının qapısına sürərsən. Bildim ki, yenə arvad aparmaq lazım olacaqdır. Arvadı hara aparacağımı bilirdim. Çünki o evə neçə kərə arvad aparmışdım. Müxtəsər faytonu Hacının qapısına sürdüm. Ağa məni yuxarı çağırıb bir qız göstərdi. Anam, bacım olsun, gərək müsəlman qızı idi. Ağa qızı göstərib dedi ki: «bu xanım nə desə əməl edərsən». Mən qayıdıb küçədə durdum, bir saatdan sonra oradan iki nəfər kişi çıxdı. Onlardan yarım saat sonra xanım faytona oturub dedi ki, «Stanislavski küçəyə sür!» Mən xanımın əmri ilə faytonun üstünü örtmüşdüm. Mən bir erməninin evinin qabağında faytonu saxladım. Orada tanıdığım faytonlar da var idi. Görünür ki, ev sahibi yığışıb İrana getmək istəyirdi. Yarım saat sonra qapıda duran bir nəfər gənc erməni gəlib mənə dedi xanım deyir ki, məni gözləməsin, çünki burada yubanacağam. Başqa fayton ilə qayıdaram. Mən daha nə deyə bilərdim? Atların başını çevirib qayıtdım. Onu da yadınıza salım ki, həmən gecə gəlib məsələni ağaya xəbər verdim. Vəssalam. Bundan artıq bir şey bilmirəm, inansanız da budur, inanmasanız da. Nəcməddin bəy Ağabala Quliyevdən soruşdu: – Bunun dedikləri doğrudurmu? – Hamısı doğrudur. Lakin xanımın, bunun faytonu ilə Araratyanın evinə getməyindən xəbərim yoxdur. Nəcməddin faytonçunu qaytarıb dedi: – Get! Səni yenə çağıracağam! Faytonçu baş əyib dal-dala gedib eşiyə çıxdı. Ağabala Quliyevin qoçuları içəri girdi. Nəcməddin qoçuları başdan-ayağa, parlayan çəkmələrinə qədər süzdü. Birinci qoçunu danışdırdı: – Səndən hər nə sual etsəm, gərək tamamilə doğrusunu deyəsən. Bircə kəlmə yalan desən, qıçının ətini tökdürəcəyəm. Adın nədir?! – Adım Əliabas Kəbləməhərrəm oğlu. – Hansı məhəllədə yaşayırsan? – Poxludərədə. – Savadlımısan?! – Xeyr! – De görüm uşaqlıqdan indiyə qədər nə işdə olmusan? – 15 yaşıma qədər şəhərdə konkaduran yerlərdə işlərdim. Sonra gedib vağzalda iş tapdım. – Oralarda nə iş görürdün? – İşləyirdim. – Pəzəvənk, oğlu, işin adı yoxmu? – Nə üçün yoxdur, kasıblıq edirdim. – Yahu, kasıblığını bildim. İşinin adı nə idi? – Ciblərdən pul çıxarırdım. Çamadan və xurcun götürüb qaçırdım. – Öz cibindənmi? – Xeyr, başqalarının cibini kəsirdim. – Bir kərə «xuliqanlıq və dolandırıcılıq edirdim» deyəməzmisən?! – Nə bilim, ağa. Bizdə belə deyərlər. – Söylə baxayım! Sonra nə edirdin?! – Qoçuluq edirəm. – Necə qoçuluq?! – Elə belə də, məhəllə cayılıyam. – İşin nədir? – Əvvəlcə Nəcəfqulunun dəstəsində idim. – Nə iş görürdün? – Kəndliləri soyurdum, Məşədi Nəcəfqulunun tapşırığına görə atışırdıq. – Necə adam öldürmüsən?! – Heç necə! – Nəcəfqulunun dəstəsindən niçin çıxdın? – Onun verdiyi pul məni dolandırmadı. Nəcməddin bəy ikinci qoçunu çağırdı və sual verdi: – Adın nədir? – Mənə cibkir Rəcəbli deyərlər. İndi də işim cibkirlikdir. Bir dəfə də tutulmamışam. – Çoxmu pul qazanmısan? – Bəli, çox qazanmışam. – Bəs pul haradadır? – Harada olacaq! Teymur bəyin cibində. Biz gətirdiklərimizi ona veririk. O da bizim ağzımıza hərdən-bir tulapayı atır. – Adam öldürmüsənmi? – Bəli öldürmüşəm! – İndi ikiniz də deyin görüm sizi ermənin qapısına nə üçün göndərdilər? Əliabas Kəbləməhərrəm oğlu irəli keçib danışdı: – Cənab Ağabala bizə buyurdu ki, siz haçının evindən bir erməni qızını faytona basıb yuxarı məhəlləyə aparacaqsınız. Biz haçının evinə getdik, orada gözəl bir qız bizə rast gəldi. Bizi bir otağa oturdub dedi: «Burada oturun, nə vaxt ki, sizi çağırdım, o vaxt gələrsiniz». Bizə çay gətirdilər. Adama üç stəkan şirin çay içdik, sonra yaxşı xörək də yedik. Bir az sonra qız yanımıza gəlib dedi: «İndi iş başqa cürdür. Siz bu saat gedərsiniz və Stanislavski küçə ilə Nijni Priyutski küçələrinin tinində durarsınız. Mən fayton ilə gəlib orada bir erməni evinə girəcəyəm. Siz məni gözləyərsiniz, elə ki, mən erməni qızı ilə çıxıb faytona oturdum, siz də atılıb faytona oturarsınız və tapançanı erməni qızının döşünə dirəyib çığırmağa qoymazsınız...» – Bəs nə üçün siz gedib orada durmadınız? Siz nə üçün onun dediklərinə əməl etmədiniz?! – Ay başınıza dönüm, özünüz bilirsiniz ki, orası erməni məhəlləsidir. Bizim də hərəmizin bir bölük əhl-əyalımız var. Getdik, allah eləməsin bir erməni dığasının biri pəncərədən «part!» bir güllə başımıza vurdu. Onda bizim əhl-əyalımızı kim saxlayacaqdı? Nəcməddin bəy açıqlandı və yanında duran əskərə əmr etdi: – Apar bu əclafları qayimməqama tapşır, bunların dərisini soyduracağam! Pəzəvənk oğlanları! Doktor Yusifidisi Ağabala Quliyevin bağından gətirmək üçün gedən maşın qayıtmışdı. Doktor Yusifidis qoltuğunda bir portfel içəri girərək: – Mərhəba əfəndilər!—deyərək durdu. Nəcməddin bəy: – Mərhəba, oturun!—dedi.—Söylə baxayım, siz tanış olduğunuz qız Leyla indi haradadır? – Xəbərim yoxdur. Çünki mən, iyulun 25-dən ondan ayrılmışam. Mən haman qızın əmri ilə cənab Ağabalanın bağında həbsə alınmışdım. O qız məni həbs edirkən onun tərcümeyi-halını bir roman şəklində yazmağımı əmr etmişdi. – O qız kim idi? – O qızın kim olduğu və Bakıya nə vasitə ilə gəldiyini mən müfəssəl və bədii bir şəkildə yazmışam. O qız olduqca maraqlı, tədbirli, ağıllı və ömründə səhv etməyən qədər zəkavətli bir qız idi. Əcəba, indi o Bakıda deyilmi? Nəcməddin bəy məhzun bir surətdə dedi: – Xeyr! O qız izsiz, xəbərsiz qeyb olmuşdur. Əcəba, siz ondan intiqam aldınızmı? Hərgah böylə isə yaxanızı buraxmayacağam. Yazdığınız roman haradadır? – Yanımdadır! – Bana veriniz! Doktor Yusifidis heç də vüqarını pozmadan portfelini açdı və qalın bir kitabça boyda olan romanı çıxarıb Nəcməddin bəyin önünə qoydu. Nəcməddin bəy romanı diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu: – Sən o qızla nə üçün və harada tanış oldun? Doktor Yusifidis dedi: – Bu suallar lüzumsuzdur. Çünki bu roman Leyla ilə mənim tanışlığımı və həyatımızı təsvir edir. Rica edərdim ki, Leylanı və məni tanımaq üçün bu romanı oxuyasınız. Nəcməddin romanı oxumağa başlamadan, komissiya üzvlərinə müraciətlə dedi: – Mən təklif edərdim ki, bu hərif həbsə alınsın, çünki Leylanın qeyb olmasında bunun da iştirakı vardır. Leylanın yerini söyləməyincə, biz bunu azad etməməliyik. Doktor gülümsəyərək dedi: – Əvvəla, mən Leylanın harada olduğunu bilmirəm. İkincisi də, siz məni həbsə almaq üçün səlahiyyətə malik deyilsiniz. Nəcməddin bəy və komissiya üzvləri doktor Yusifidisin üzünə heyrətlə baxıb dedilər: – Sən məhbussan! Yusifidis bir daha gülərək əlini qoynuna saldı və bir az qurdalandı, kiçik bir vəsiqə çıxarıb komissiya üzvlərinə göstərdi. «Osmanlı əks-kəşfiyyat təşkilatının 11 nömrəli vəsiqəsini daşıyan doktor Əli Yusifbəy!» * * * XXXIV. Leylanın romanı Bağdad, mart 1917-ci il. Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı. Bağdad sanki öz tarixini təkrar etdirir, daha uzaqlara baxmaq üçün ayağa qalxırdı. O, yenə də şair Əbu Nəvvasın «Bağdad gecəsi» sərlövhəli poemasını eşitmək üçün Vəliəhd sarayını arzulayırdı. Şair Əbu Lətahiyyənin Harunərrəşidə yazdığı və musilli İbrahimin bəstələdiyi rübailəri, Gülüstandan Haruna hədiyyə aparılan Qərənfil xanımın dodaqlarından dinləməyə hazırlaşırdı. Bağdad yeni bir həyəcan keçirir. Fəqət bu həyəcan, Səlamə xanımın səlis rübailərindəki bədii həyəcana heç də bənzəmir. Bağdadın mavi səmasındakı saflıq diqqəti cəlb etsə belə, yenə də o, xəlifə saraylarını gülüşləri ilə nəşələndirən Səlamə xanımın mavi gözlərini heç də əvəz edə bilmirdi. Daima sükutla axan və bununla da xəlifələrin nəzərini cəlb edən Şarüə xanımın sakit yerişini xatırladan Dəclə çayı da, əski sükutunu itirmişdi. Yaz dalğaları da Sımra xanımın Məmunları, Rəşidləri heyran qoyan göz bəbəkləri kimi ahəstə çırpınmırdı. Dəclə çayı, yenə də uzun zamanlar Şəanin xanımın saçları ilə oynayan İraq ruzigarı ilə axmaqda idi. Öz çöhrəsini Dəclənin güzgüsündə görməyə tələsən cənub ulduzları, Harunərrəşidin «Qəsri-xüld» sarayında yanan ənbərli şamları xatırlatmağa çalışsa da, müvəffəq olmurdu. Sərv ağacları arxasından ötən Əbbasə qəsrinin pəncərəsi önündə, öz sevgilisi Cəfəri gözləyən parlaq çöhrəyə tamaşa edirdi. Minarələrin bacasında səslənən ruzigar, şair Xasirin öz quranını satarag aldığı tənburun səsini təqlid edə bilmirdi. Bağdad üfüqlərindən yüksələn səslər, nə Əliyəxatunun mənsuriyə səsləri, nə də xəlifəni yuxusundan oyadan Fəridənin həyəcanlı nəfəsləri idi. Bu həyəcanlar, nə xəlifənin qucağında çırpınan Susən xanımın ürək döyüntülərinə, nə də vəliəhdin pəncəsində titrəyən Minnət xanımın keçirdiyi həyəcanlara və yaxud Dinar xanımın vəziri sərxoş pəncələrində keçirdiyi kədərli zamanlara oxşayırdı. Açıq və aydın fəzalarda hiss olunan siyasi qaranlıqlar, İraqın məhtab gecələrini qara ipəklərə bürümək istəyən qorxulu hadisələr, Əliyə xanımın alnına bağladığı qara, ipək keysübənddən də qaradır. Ruzigarın qarşısında oynamaqda olan xurma budaqları şair Əbuətahiyyənin xəlifə Rəşidə bağışladığı yelpazələri təsvir etsə də, yelpazənin kənarlarında şairin məşuqəsi Ətəbəyə yazdığı bu şeri oxuya bilmirdi: «Sənin gözəlliyin olmasaydı, Dünyada nə eşq və nə fitnə olardı». Dəclə çayının hər iki tərəfinə yayılmış Bağdad şəhəri, qarışıq səslər içərisində idi. Lakin bu səslər, vaxtilə bütün Şərq dünyasında Bağdad şəhərinə toplanan xanəndələrin səsi deyildi. Bu səslər, nə xanəndə Mərvan-ibni-Həfzənin Mehdi xəlifəyə oxuduğu mənsurəyə, nə quranı satıb tənbur alan Salimu-Xasirin hicaz muğamlarına, nə ibni-Öcəmeinin nəğmələrinə, mosullu Əqil və İbrahimin bəstələdiyi təsniflərə, nə də Dehman xanəndənin xəlifəyə oxuduğu iraq səslərinə bənzəyirdi. Məşhur ərəb məzhəkaçilərinin yumor və satirası ilə külən və Əbülhəsən Biarın həcvləri ilə qəhqəhələr yağdıran Bağdad, bu gün dodağını dodağından ayırmaq istəmirdi. Sahil boyu ağaclardan sallanan xurma salxımları, artıq Zübeydə xatunun boynundakı qırx min dinarlıq qırmızı yaqutu xatırlada bilmirdi. Cənubda, şimalda, şərqdə və qərbdə dəvələrin boynunda inləyən kiçik zənglər, Əbbasə xanımın ağ topuqlarına bağladığı zümrüd xalxalların uçundakı altun zənglərin səsini təmsil edə bilmirdi. Qeyri-adi gurultular və Bağdad fəzasını tutan, Əliyə xanımın ansamblının səslərindən alınan nəşələri unutdururdu. Abbasilərin israf, səfahət, əyləncə və şəhvətlərə tutduqları şəhərin xarabaları üzərində yaşayan osmanlılar, əski tənbəlliklərin xatirəsi ilə nazlanır və xumarlanırkən, dəhşətli bir səs onları ayağa qaldırır və mövqeyini ingilis-rus ordusuna təslim etməyə məcbur edirdi. Abbasiləri yola salan Bağdad, moğolları, iranlıları yola saldığı kimi hazırda osmanlı paşalarını da fəlakətə düçar etməkdə idi. «Darülqərar» sarayının xərabələri yanında Mosula doğru gedən paşalar, yenə də saray daşlarının üzərinə ayaq basdığı zaman, vaxtilə haman daşlar üzərində xəlifə hərəmi Zübeydənin brilyant başmaqla gəzdiyini xatırlamaqda və tarixin bu səhifələri ilə sərxoş olmaqda idilər. Hər kəs gedirdi, Mülkiyyə məmurlarından Eynəddin bəy də qaçqınlar karvanı ilə bərabər qadını və qızı ilə sınıq bir arabaya oturub çəkilirdi. Təkərli nəqliyyatla qaçmaq hər kəsə mümkün deyildi. Çünki yüz illərcə Bağdadda yaşayan osmanlılar, təkərli nəqliyyata deyil, nəqliyyat vasitəsi olaraq dördayaqlı heyvanlardan istifadə ilə kifayətlənib qalmışlardı. Araba gedir, arabada Eynəddin bəyin ailəsi ilə bərabər iki nəfər də qoca gedirdi. Onlardan birisi müharrir, digəri isə istefaya çıxmış bir türk məmuru idi. Qaçqınlar karvanı, Rəşidin vəliəhdi Əminin yaşadığı qəsrin xərabələri üzərindən keçərək şəhərin şərq tərəfində vaqe Məhzəm məhəlləsinə gəlirkən Eynəddin bəyin arabasındakı qocalar da danışır və keçdikləri xərabələrin tarixindən məlumat verirdilər. Eynəddin bəyin qızı Leyla bu söhbətlərlə artıq maraqlanırdı. Qoca bir dəri, bir sümükdən ibarət olan barmağını uzatmaqla Əminin sarayını göstərərək dedi: – Buradır! Çin dənizlərindən başlayıb Sind çayına qədər bütün şərq ölkələrinin sərvətini səfahət və israfla sərf edən binalardan biri də həmin bu saraydır. Leyla bu söhbətlərlə maraqlanır və müharriri dinləyirdi. Müharrir davam etdi: – Abbasilərin səltənəti, səfahət üzündən məhv olduğu kimi, bizim fəlakətimiz də eyni səfalət və eyni tənbəllikdən oldu. Osmanlılar öz əsaslarını xəlifələrdən qalan israf və ifratın töküntüləri üzərində qurdular. Burada hər bir paşanın bir xəlifə qədər təntənəsi var idi. Mərkəzi hökumət bu israf və ifratla mübarizə apara bilmirdi, çünki mərkəzdəkilər də özü üçün həramxanalar, çüftlüklər, təntənələr düzəldirdilər. Gördüyünüz bu sarayı Harunərrəşid öz on yeddi yaşlı vəliəhdi Əmin üçün düzəltmişdi. Harunərrəşid dövlətinin gəlirinin üçdən biri, həmin bu binada sərf olunurdu. Məhəmməd Əminin yalnız qoçxana və quşxanasını saxlamaq üçün Buxara məmləkətinin birillik gəliri sərf edilirdi. Əmin sarayının xiyabanları Xorasan, Qaşan və Türkustanın ən nəfis xalçaları ilə döşənirdi. Həramxana və saray qapılarının hamısından mavi rəngdə ipək pərdələr asılır, haşiyələrində Əbu Lətahiyə və Əbu Nəvvasın mədhiyyələri yazılırdı. Əminin həramxanasında 50 nəfər qız çalır, 50 nəfər oxuyur, 50 nəfər də oynayırdı. Bu sarayda yüzlərcə gənc oğlanları xacə edib həramxanada xidmətə götürmüşdülər. «Çərədiyə» adında düzələn gözəl oğlanların dəstəsi vəliəhdin şərab məclisini idarə etmək üçün düzəldilmişdi ki, bizim osmanlı paşaları da bunu davam etdirdilər. Gənc vəliəhdin yelpazəsini çəkmək üçün ətirə tutulmuş yüzlərcə gürcü qızları saxlanırdı. Şərqdə birinci olaraq Rəşidin gənc vəliəhdi oğlanlara qadın paltarı geyindirib oynatmış, oxutmuş və əylənmişdi. Əminin ruhunu oxşamağa, ondan böyük mükafat almağa çalışan şairlər, mədhiyyələr yazmaqla, bu günkü osmanlı şairləri və osmanlı müharrirlərinə silinməz bir irs buraxmışlar. Ortalığı sükut bürümüşdü. Arabadakılar keçdiyi küçələr və təsadüf etdiyi hadisələrlə məşğul idilər. Əski sarayların qırıq kərpiclərindən yeni Bağdad tikən, əski mədəniyyət və əski cahangirliyin sərxoşluğu ilə yatan osmanlılar yuxudan ayılmış və özünü iki tərəfdən təhlükə altında hiss edərək qaçmağa başlamışdı. Bir tərəfdən Baratov ordusu, digər tərəfdən İngiltərə ordusu osmanlı ordusunu sıxışdırır və Bağdada soxulmağa tələsirdi. Sanki hər şey təslim olur. Nayirə xanımların ud səslərini bu günə qədər mühafizə edən «Darülqərar» sarayı, Zübeydə xatunun qaşlarını andıran mina taqlar, «Min bir gecə» romanındakı əsrarəngiz otaqlar dəxi özünü təslim ərəfəsində götürdü. «Əlif Leyla» romanını doğan Bağdad, sanki ikinci bir Leylanın romanına müqəddimə yazmağa başlayırdı. Bağdadlılar yox, yüzlərcə il bundan əvvəl Bağdada gələnlər qaçır, minlərcə qaçqınların karvanı «Darüzzəhəb» sarayının tökülmüş kərpiclərini ayaqlayaraq ötürdü. Qaçanlar titrək və həyəcanlı addımları ilə minlərcə qurbanların qafa tasını andıran qırıq və miniatür, sütun başlarını fırladaraq özünə yol açırdı. Karvan «Cəfər» qəsrinin qabağından keçdiyi vaxt qoca müharrir qərbə doğru işarə edərək, barmağı ilə Leylaya göstərdi: – Baxın,—dedi,—bura da tarixi hadisələr ocağı olmuşdur. Bura Harun Xəlifənin vəziri Cəfərin qəsridir. Şairanə xəyallara dalıb dünyadan xəbərsiz qalan Bağdad, bu gün varlığını dəyişmək ərəfəsində idi. Mesopotamiya ticarətinin meydanı olan «Davud paşa» bazarı, hazırkı həyəcanın mərkəzini təşkil edirdi. Hər kəs bir söz danışırdı: – Baratovun komandası altında gələn çar ordusu Yəqubə və Şəhrəban şəhərlərini işğal edib osmanlı ordusunun Mosula doğru yolunu kəsmək istəyir. – İngiltərə ordusu cənub tərəfdən Bağdada girməkdədir. Yerlilərin nə dərdi var? Onlar osmanlıların çəkilib getməsini allahdan istəyir. – Osmanlılar gedir, Bağdaddan bəla kəsilir. – Paşaların, qayimməqam və jandarmların əlindən qurtulmağa kim sevinməz? Arabada gedənlər bu sözləri eşidib bir-birinin üzünə baxırdı. – Bizimkilər də Abbasilər kimi xəlifələr, vəliəhdlər, Ulduzlar, Dolamabağçalar, Çirağban saraylarını düzəltdilər. Onların içərisində dünyanın müxtəlif ölkələrindən gətirilən nadir gözəllər saxladılar. Sarayda Abbasilər dəskahı düzəldi, lakin saray və məmləkət ölkənin ümumi vəziyyəti, xilafətin və xilafət dairəsindəki təntənələrin yaşamasına imkan vermədi. Çünki xalq artıq sərxoşlara və qatillərə xəlifə deyə səcdə etmirdi. Biz osmanlıların indiki qoşunları da Abbasilər dövründəki kimi aciz və təşkilatsız deyildir. Bizim qadınlarla əyləncəyə və gözəl rəqqasələrə sərf etdiyimiz vaxtı və vəsaiti, qonşularımız dəmir yollar çəkməyə, texnika yaratmağa, məktəblər, universitetlər təşkilinə sərf edirdi. Bu söhbətlərdə mülkiyyə məmuru Eynəddin bəy bir ah çəkərək dedi: – Bizim bəlamız daha böyükdür! Bizim üsuli-idarəmiz heç olmazsa Abbasilərin üsuli-idarəsi kimi əhalini razı salmış olsaydı, bu tezlikdə inqiraz etməzdik. Onlar əhalinin qismən heç olmazsa, öz ehsanları ilə razı salaraq yaşamağı bacarırdılar. Biz isə bunu da bacarmadıq. Əhaliyə heç bir şey verə bilmədik. Onlara yeni mədəniyyətdən nümunələr göstərməyi bacarmadıq, çünki o mədəniyyət özümüzdə də yox idi. Biz ildə üç kərə məhsul verən İraq torpağı ilə kəndlilər və şəhərliləri tox yaşatmağı da bacarmadıq. Bizim bu fəlakətimizə səbəb olan cəhətlərin birisi də, osmanlı imperatorluğunun hər tərəfində olduğu kimi İraqda da yerlilərlə türklərin vəhdətini yarada bilməməsidir. Qalib türklər bu günkü ricətə qədər özünü hakim və ağa kimi apardı. Hazırda bizi, nə ingilislər, nə də ruslar qovur, bizi yüz illərdən bəri etdiyimiz zülmlərin nəticəsi olaraq yerli xalqın ürəyində toplanmış nifrətlər və kinlər qovmaqdadır. Biz alim və sənətkarlara qiymət qoya bilmədiyimizdən Abbasilər dövrünün tənbəllərindən çox geridəyik. Onlar bütün dünyanın alimlərini, siyasi adamlarını, şair və sənətkarlarını Bağdada topladığı halda, biz məmləkətimizin fəxri olan Midhət paşa kimi adamların başını Tayif həbsxanasında kəsib Sultan Əbdülhəmidlərə göndərirdik. Həmin uzunqulaq, at, dəvə tövləsinə yaxşı tamaşa edin! Siz bu böyük, fəqət eyni zamanda tövləyə çevrilmiş bu həqir binanın tarixini öyrənirkən Abbasilərlə biz osmanlıların nə qədər fərqli olduğunu görəcəksiniz. Bu bina Müstənsirbillah zamanında düzələn məşhur Bağdad universitetidir. Vaxtilə burada ərəb dünyasının ən məşhur alimləri toplanmış, təlim və tərbiyə etdikləri minlərcə alimləri dünyaya buraxmışdı, təəssüf olsun ki, bu universitet bizim vaxtımızda tövləyə çevrilmişdir. Osmanlılar hazırda öz at, qatır, dəvə və uzunqulaqlarını buradan eşiyə çıxarıb qaçır. Bizi düşmən deyil, öz üsuli-idarəmiz qovur. Bu ricətin qarşısını ala biləcək bir vasitə varsa, o da üsuli-idarə ilə mübarizə aparmaq və ona qalib gəlməkdən ibarətdir. Daha danışan yox idi. Arabadakıların gözləri sağda və soldakı binalara dikilmişdi. Xüsusən Leyla xanım gözlərini Bağdad saraylarından ayıra bilmirdi. «Qəsruz-zəhəb», «Qəsrul-xəzra», «Darul-qərar», «Həmid-İbni-Əbdülhəmid», «Babussəir», «Cəfər», «Tac Firdovs», «İsa», İbnülxətib», «Mötəsim», «Babut-taq», «Mehdi» və «Xuld» sarayları Leylanın nəzərindən keçdikcə ah çəkir, düşünür, lakin bu fəlakətlərin səbəbini təyin edə bilmirdi. Leylanın arabası saray bağçalıqları içərisindən keçərkən Şəmasiyanın məhəlləsinin qumlu və tikanlı çöllərinə girən zaman, Leyla özünü saxlaya bilməyərək hönkür-hönkür ağlayırdı. Bundan Leylanın anası Səfiyyə və Eynəddin bəy də təsirləndi; onlar da ağladılar. Mənsur, Müseyib, Kerx, Rəsafə məscidləri minarələrində hər günkü kimi azançılar səslənərək camaatı məscidə çağırırdı. Lakin məscidlərə gələn yox idi. Çünki əhalinin bir qismi qaçır, başqa bir qismi də ingilisləri qarşılamaq üçün ziyafət hazırlayırdı. Çoxu da qorxusundan qapıları bağlayaraq kaşı döşənmiş zirzəmilərdə gizlənmişdir. Eşikdə çox az adam görünürdü, çünki osmanlılar şəhərdən çəkildikdən sonra əhali «Şam qapısı» həbsxanalarını açıb məhbusları şəhərə buraxmışdı. Azançı təkbir səslədiyi zaman, qaçqınlar karvanı Rəşidin hərəmi Zübeydənin kaşı məqbərəsi yanından keçərək başqa küçədən axıb gələn qaçqınlara qoşulmuşdu. Bağdadın kənarından—«Bəsrə qapısı», «Kufə qapısı», «Şam qapısı» və sair tərəflərdən gələn qaçqınlar bir mərkəzə yığılır və «Samiriyyə» yolu ilə məchul bir gələcəyə doğru gedirdi. Əbu Hənifə və Şeyx Əbdülqadir məscidində çəkilən azan səsi, son təkbiri dediyi zaman, qoca müharrir açıqlanaraq siqarını əzib yerə tulladı. Bağdad minarələrindən gələn səslər, sanki minlərcə qaçqınlara dua oxuyur və onları «göylərin mərhəmətinə» tapşıraraq yola salırdı. Leyla arabadan qalxıb bir daha şəhərə baxdı və dedi: – Odur! O görünən hökumət saraylarıdır! Oralar boşaldıldımı? Leyla baxır, düşünür, köynəyinin qolu ilə gözlərini tutaraq ağlamasını gizləyirdi. Azan səsləri bitmək üzrə idi. Lakin bu səslərə etina edən yox idi, xalq məscidlərdən nicat gözləmirdi. Çünki məscid, həmişə camaatı aldatmışdı, kimsəyə nicat verməmişdi. Buna görə də qaçqınlar nicatı ancaq nəqliyyat vasitəsində və qaçıb qurtarmaqda görürdülər. Onlar yalnız ruslar və ingilislərdən deyil, yerlilərdən də qorxurdular. Çünki bir neçə gündən bəri yerlilərin qaçqınlara hücum edəcəyi haqqında bütün şəhərə şayiələr yayılmışdı. Qaçanlar Bağdaddan kənara çıxmışdılar. Uc-bucağı olmayan, Əşkanilər paytaxtı olan «Dəstkürd» xərabələri içərisindən ötürdülər. Günəş çoxdan İraqın qumlu təpələrində göyərən müğilan tikanları arxasında gizlənmişdi. Uzun zəncir həlgəsi kimi bir-birinə bağlı kimi görünən adamlar sakit yeriyirdilər. Heç bir hənirti yox idi. Milçək uçsa eşidilərdi. Adamlar yumşaq qumlar üzərində gedirdilər. Uşaqlar yatmış, böyüklər isə dəhşət və heyrət dənizinə düşüb boğulmuşdu. Eşidilən bir səs varsa, o da çağqalların ulaşması idi. Leyla başını anasının çiyninə söykəyib yuxulamışdı. Abadanlıq əlaməti yox idi. Hər kəs addımını bilmədiyi, tanımadığı yerə qoyur və təsəvvür edə bilmədiyi məchul bir aləmə doğru gedirdi. Dəstənin önündəkilər kimsədən soruşmadan qaçır və rusların hərəkət xəttindən kənara çıxmağa tələsirdi. Onların arxasınca gedənlər isə, Samiriyyə yolu ilə getdiklərini düşünürdülər. İraqın üfüqləri hər tərəfi örtmüşdü. Kiçik qum təpələri, müğilan kolları və yurğun çöpləri görünürdü. Çox uzaq xurmalıqlara bənzəyən bir qaranlıq görünürdü. Bu hadisə, qaçqınların dayanmasına səbəb oldu, çünki Bağdaddan Samiriyyə gedən yol üzərində qalın xurma bağları yox idi. Bundan əlavə, Samiriyyə yolu üzərindəki Düceyl şəhərini də keçməmişlərdi. Çox durdular və çox düşündülər. Bir çokları bu fikirdə idi ki: «görünən qaraltı Samiriyyə yaxınlığında, Dəclə çayının sol sahilindəki qamışlıqlardır!» Qaçqınlar inandılar və yeridilər. Bir az sonra qarşıda görünən qaraltılar içində çox qısa və qaçqınların ümidi qədər solğun bir işıq göründü. Hər kəs buna şad oldu. Leyla da yuxudan ayılaraq başını anasının çiynindən götürdü. Müharrir yenə də barmağını işıq görünən tərəfə tutaraq dedi: – Bura «Əliyənnəqi» məqbərəsinin minarəsidir. Minarədə lampa yanır. Bu məqbərəni İran şahı Müzəffəriddin, qızıl ilə düzəltdirmişdir. Rusiya çarından alınan 30 milyonluq birinci istiqrazın çoxu buna sərf olunmuşdur. Allah onun bəlasını versin. Hər kəsdə bir ümid və şadlıq oyanmışdı. Hər kəs qaçıb qurtaracağını, buradan düz-doğru ordu çəkildiyi yollarla Mosul tərəfə gedəcəyini yəqin edirdi... Şadlıq uzun çəkmədi. Çünki onlar yolu azıb Baratov ordusunun işğal məntəqələrinə gəlmişdilər. Bu qara xəbəri onlara, qum təpələrinin arxasından açılan yaylım atəş verdi. Qaçqınlar öz ümidləri kimi qırılıb məhv olurdular. Yüzlərcə adamlar torpağa sərildi, kazaklar dərhal qılıncları siyirib qaçqınların ətrafını sardılar və yetəni doğramağa başladılar. Araba hələ gedirdi. O ancaq Savlayevin qılıncı ilə dayandı. Kazak dəstəsinin komandanı Savlayev əvvəlcə arabaçını, sonra da Eynəddin bəyi və onun qadını Səfiyyəni öldürdü. Leyla özünü arabadan yerə atdı, qaçmaq istərkən yaralanıb əsir düşdü. Qaçqınlardan sağ qalanları bir yerə yığdılar. Biçeraxovun kazakları, onların köynəyini də soyundurdu. Əsirlərin kişilərini bir tərəfə, qadınları isə başqa bir tərəfə ayırdılar. Əvvəlcə Şəhrəban, sonra da Biçeraxovun qərargahı olan Xanəgeyn şəhərinə göndərdilər. * * * XXXV. İngilislər Bağdadda Bu gün Xanəgeyn şəhəri ingilis və çar bayraqları ilə bəzənmişdi. İngilislərin Bağdadı işğal etməsi münasibətilə bayram elan edilmişdi. Bağdadın işğalı Almaniyanın cahangirlik planındakı Berlin-Bağdad məsələsini nəticəsiz qoyur və Almaniyanın İngiltərə müstəmləkələrinə yaxınlaşmaq yolunu kəsirdi. Gömrükxana bağında yerləşən Biçeraxov qərargahı nəfərləri də bugünkü bayramda iştirak edirdi. Bağ bəzənilmişdi. Limu, narınc və portağal ağaclarından yüzlərcə əlvan fənərlər asılmışdı. Bağın hər tərəfində ikinci Nikolay və onun xalası oğlu beşinci Keorkinin rəsmi asılmışdı. Xurma və nar bağlarının hamısından oynamaq və oxumaq səsi gəlirdi. Çünki kazak çadırları bağlar içində qurulmuşdu. Gecə saat 2-də Savlayev öz əsirlərini xatırladı. O, bayram münasibətilə əsirlərə də pay vermək istədi. Savlayev, əsirlər salınan tövlənin qapısını açdırdı və beş nəfər kazakla içəri girdi. Əsirlərə üç kisə yemək gətirmişdilər. Birində suxarı, digərində xurma, üçüncüsündə də şirin limu var idi. İki gündən bəri yemək görməyən əsirlərin hərəsinə iki xurma, bir limu, bir parça da qara suxarı paylandı. Savlayev əsirləri gözdən keçirərək dedi: – Əsirlərin biri yoxdur. O, qarovul duran kazaka açıqlandı. Çünki bəzən kazaklar əsiri ya öldürür, ya öz yaxın adamlarına satırdılar. Qarovul içəri girdi, əsirləri gözdən keçirtdi və tövlədə olan araba çarxları və əski qazanların dalını araşdırmağa başladı. Leyla araba çarxlarının dalında büzüşüb oturmuşdu. O yaralı idi, yarasını sarıyan belə yox idi. Qarovul, onun qolundan tutaraq: – Şeytanın balası buradadır!—deyə Leylanı yerə tulladı, onun başı da yaralandı. Qan axmağa başladı. Əsirlərdən heç biri cürət edib ona yaxın gəlmədi. O, yerdə uzanırkən qarovul ona əyri-əyri baxaraq dedi: – Üzümə yaxşı bax, yoxsa parça-parça edərəm! Savlayev qızın ağır vəziyyətini görərək kazaka çox mülayim bir səslə dedi: – Belə hallarda bir az ehtiyatlı olmaq lazımdır. O, irəli gəlib qızın başını qaldırıb yarasına baxdı. Savlayev doktor çağırmaq üçün adam göndərdi və doktor gəlincəyə qədər də Leylanın başını əlində saxladı. Savlayevin vəhşi bir adam olduğunu bilən, onu tam mənasilə rəhimsiz tanıyan kazaklar, onun bu mərhəmətinə təəccüb etməyə başladılar. Doktor içəri girərkən Savlayev ona müraciətlə: – Pyotr Kuzmiç—dedi,—əsir bir qızın yarası çox ağırdır. Zənnimcə yardım etmək lazımdır. Doktor muayinə edərkən Biçeraxovun özü də əsirləri gözdən keçirmək üçün gəldi. O, əsirləri gözdən keçirərkən Leylanı da gördü, o Savlayevə dedi: – Sabahdan etibarən əsir qadınların hamısını buraxarsınız. Bu qız isə xəstəxanaya aparılmalıdır. Hər halda qadınları əsir götürdüyünüz zaman ehtiyatlı olmalı və ağır yaralamamalısınız. Leylanı xəstəxanaya götürdülər, onu Savlayevin özü apardı. Yaralarının bağlanması işində də iştirak etdi. Onun tək bir otaqda saxlanmasını və yanına bir şəfqət bacısı verilməsini tapşırıb qayıtdı. Leyla uzun zaman Xanəgeyn xəstəxanasında yatdı. Çünki ingilislərin, Bağdad ilə Xanəgeyn arasındakı məsafəni doldurmaq üçün lazımi qüvvələri yox idi. Buna görə də ingilislər bir tərəfdən Baratov ordusunun Bağdada girməsinə mane olur, o biri tərəfdən də Baratova Bağdad ilə Xanəgeyn arasındakı Yəqubə və Şəhrəban şəhərlərinin müdafiə edilməsini tapşırırdı. Leylanın yaraları hələ yaxşılaşmamışdı. O, Xanəgeyn xəstəxanasında yatırdı. Savlayev özü çox rəhimsiz və alçaq bir zabit olsa da, qəlbində xəstə əsirə qarşı bir məhəbbət hissi bəsləyirdi. Leyla xanım onun mərhəmət və iltifatına baxmayaraq həmişə Savlayevi gördükdə titrəyir və haldan çıxırdı. Savlayev ona öz yaxın adamı kimi nəvaziş edir, qəlbini ələ almağa çalışırdı. Leyla isə onun üzünə soyuq nəzərlərlə baxırdı. Savlayev xəstəxanaya gəldikdə Leylanın yanında oturur, gətirdiyi limu, portağal və sair hədiyyələri ona təqdim edirdi. Leyla yenə də onun bu hörmətini daxili nifrətlə qarşılayırdı. Savlayev onun saçlarını sığalladığı və yarasını muayinə etdiyi zaman sanki Leylanın vücudunda bir ilan dolaşırdı. Bu vəziyyət uzun zaman davam etdi. Leyla artıq Savlayevin sözlərinə alışmışdı. Ondan qorxmur və suallarına da cavab verirdi. Bir gün Savlayev Leylanın otağına girərkən: – Salaməleyküm!—deyə Leylaya əl vermək istədi. Qız isə, qara gözləri ilə ona baxdı və dedi: – Əleykəsəlam! Əcəba, siz müsəlmansınızmı? Savlayev onun titrək əlini ovcuna aldı və cavab verdi: – Bəli, mən quran əhliyəm! Buna heç şübhələnməyin! Leyla ona təəccüblə baxaraq düşündü, sonra soruşdu: – Siz müsəlmanları sevirsinizmi?! Savlayev pozuq türk dilində cavab verdi: – Mən müsəlmanları sevər. Onlar mənə din qardaş! – Osmanlılar da islammı? Leyla bu sözü dedi, sonra peşiman oldu və Savlayevə verdiyi sualdan qorxmağa başladı. Savlayev yarı türk, yarı rusca cavab verdi: – Osmanlı müsəlman, yaxşı müsəlman, mən səni bilirəm nə dedi. Müsəlman başqa iş, voyenni iş başqa iş. Sən vnimaniya vermə! Mən müsəlman, özüm də çox möhkəm müsəlman. Sən rəhmim gəlir. Yaxşı qız, yaraların yaxşı. Sən qorxmas. Sən yanındakı qulluqçudan rus dili öyrən, yaxşıdır. Onda danışarsan. Bu günlər Kirmanşah gedər. Bura ingilislər gələr. Bura ingilisdir. Kirmanşah uzaq. Sən mənim qızım, sənə yaxşı baxar, qorxma sən. Mən razı qalarsan?.. Savlayev uzun-uzadı danışdı. Özünün xalis müsəlman olmasından, osmanlıları sevməsi, bu günlərdə Xanəgeyndən Biçeraxov dəstəsinin Kirmanşaha keçmək istəməsindən, İngiltərə işğalından, Leylaya öz qızı kimi baxacağından danışdı. Vidalaşıb getdikdə, xidmətçi qadına tapşırdı: – Bu qızla yaxşı rəftar et! Ona rus dili öyrət. Gələcəkdə ona ancaq rus dili lazım olacaqdır. Leyla xanım yenə də adəti üzrə ağladı və ata-anasının faciəli ölümünü xatırladı... ...Baratovun ordusu İraqdan çıxırdı. İngilis hərbi komandanlığının tələb və təkidinə baxmayaraq, qoşun çox da sürətlə çəkilə bilmirdi... Ordunun nəqliyyatı tamamilə pozulmuşdu. Mərkəzdən minlərcə kilometr uzaq olan ordunu nəqliyyatsız geri çəkmək olduqca çətin idi. İkinci tərəfdən, İraq şəraitinə və oranın ab-havasına öyrənmiş bir ordunu, isti paltarsız İran Kürdüstanına qaytarmaq mümkün deyildi, xüsusən Kirmanşah tərəflər olduqca soyuq idi. Baratov ordusunun maliyyə vasitələri də çox idi. Mərkəzdən maliyyə vəsaiti almayan Baratov ordusu, ingilislərin mərhəmətinə sığınmışdı. Baratov, qayıdacağı İran ölkəsinin iqtisadi vəziyyətini də nəzərə alaraq ordunun köçürülməsini qorxulu sayırdı. Çünki Baratov İran—Rusiya sərhəddindən, İran və əski Osmanlı sərhəddi olan Xanəgeyn şəhərinə qədər bütün kəndləri soyub ordunu bu hesaba saxlamışdı. İndi isə, onun Rusiyaya qayıdacağı yollar dəhşətli aclıq içərisində idi. Dördüncü bir səbəb də çar generalının, gözü açılan və bolşevikləşməyə başlayan bir ordunu idarə edib-edə bilməyəcəyi məsələsi idi. Ordu nəfərləri artıq çar zabitlərinin əmr və fərmanına boyun əyən və qorxusundan titrəyən adamlar deyildi. Gündə mitinqlər başlanır, generala tələbat verilir və çılpaq saldatların qarlı və tufanlı dağlardan aşıb getməsi üçün vəsait istənilirdi. Lakin general Baratov üçün ingilislərin buyruğu saldatların tələbatından daha qiymətli idi. O nə təhər olsa saldatları İraq torpağından çıxarmalı idi. Çünki ingilislər rus saldatı olan yerlərə ingilis saldatı gətirmək istəmirdilər. İngilislər rus ordusundakı inqilabçıların ingilis saldatlarına təsir edəcəyindən qorxurdular. General Baratov öz silah və ordusunu inqilab ölkəsinə—Rusiyaya aparmamaq və saldatların silahlarını ingilislərə satmaq, özlərini başlı-başına buraxmaq istəsə də ingilis komandanlığı buna razı olmurdu. Buna görə də Baratov öz ordusunu hissə-hissə də olsa soyuq və aclıq olduğuna baxmayaraq Şəhrəban, Yəqubə və Dəyalə nəhri sahillərindən çəkərək İran sərhəddinin o biri tərəfinə daşımağı qət etdi. Ordu olduqca yoxsul idi. Nəqliyyat vasitələri yox idi. Ləvazimatı daşımaq mümkün deyildi. Buna görə də vətənə dönmək istəyən ordu nəfərləri müstəsna fədakarlıq göstərirdi. Xanəgeyn şəhərindən Qəsr-Şirin və oradan da, Mahdəst və Kirmanşaha qədər yollar, yorğun, xəstə, ac saldatlarla dolu idi. Yol kənarında sınıq arabalar, at ölüsü, aş qazanları vardı. Baratov ordusu köçdüyü zaman, Xanəgeyn şəhər xəstəxanası da Kirmanşaha köçmüşdü. Biçeraxovun dəstəsi də Kirmanşahda yerləşərək irəli hərəkət etmək və dəstəsini İrandan çıxarmaq üçün nəqliyyatı islaha başlamışdı. Şiddətli yanvar soyuqları hökm sürməyə başladığı zaman, Baratov ordusu qismən Kirmanşahdan Həmədan tərəflərinə köçmüş, qismən də Kirmanşahdakı qədim karvansaralarda tökülüb qalmışdı. Köçmək üçün nə nəqliyyat, nə maliyyə vasitəsi, nə də ərzaq var idi. Əski çar ordusunun vaxtilə İranda başladığı hərəkəti yürütmək, kəndlərə qoşun dəstələri çıxarıb talan etmək və mal-qara gətirmək də mümkün deyil. Çünki bir dəfə çar ordusunun keçdiyi yerlərdə, islahat qalmırdı. Artıq bolşevikləşmiş saldatlar, qarətkarlığa, qamçı və tüfəng gücünə İran kəndlisindən ərzaq yığmağa razı olmurdular. Qarlı və tufanlı gədiklərdə ölməkdən qorxmayanlar, silahını alıb parça-parça dəstələrlə yola çıxır və inqilabi Rusiyaya getməyə can atırdılar. Kirmanşahda qalan çox idi. Bunların böyük bir hissəsi zabitlər idi ki, Biçeraxov dəstəsinə qoşulurdular. Kirmanşahın üstüörtülü bazarlarını gəzdikdə köynəyini, ayaqqabısını, müharibədə ələ keçirdiyi yərsiz qənimətləri, ölənlərin cibindən çıxardığı papiros qutusunu və sair bu kimi şeyləri satmaqla məşğul olan çar saldatına təsadüf etməmək mümkün deyildi, lakin bu şeyləri alan yox idi, çünki hər əsrdə bir neçə kərə ucuzluqdan dağılan və məhsulunu sata bilməyərək iflas edən İran kəndlisi, hazırda qıtlıqdan, bahalıqdan, iş mallarının yoxluğundan dağılıb getmişdi. Buna görə də Kirmanşah bazarında hamı satırdı, lakin bir nəfər də alan yox idi. Dünya müharibəbəsinin törətdiyi ən müdhiş fəlakət səhifələrini Kirmanşah şəhərində görmək və hər bucaqda bir bədbəxtə rast gəlmək mümkün idi. Baratov ordusunun dilənçi və ac saldatları yerli dilənçilərə qarışmışdı. Dilənçilərə kömək edən yox idi. Çünki camaatın çoxu ac idi. Baratov ərkani-hərbinin xəyanəti nəticəsində, İraq ilə həmhudud olan İranda, taxıl tacirlər vasitəsilə topladılıb, İraqda yerləşən ingilis qarnizonuna göndərilmişdi, çünki osmanlılar da İraqdan çıxanda ingilislər əlinə keçəsi ərzaq qoymamışdılar. Hindistandan taxıl gətirə bilmirdilər. Oraların ərzağın çoxdan cəbhələrə daşınmışdı. Buna görə də ingilislər Bağdad qarnizonunu saxlamaq üçün yenə də İrana ümid bağlamışdılar. Yuxarıda göstərilən xəyanətlər nəticəsində Kirmanşahın karvansara səkilərində acından və xəstəlikdən ölən və inləyə-inləyə can verən yüzlərcə rus işçi və kəndlisinə təsadüf etmək olurdu. Belə ağladıcı vəziyyətləri görən yerli xalq, xüsusən yerli qadınlar, rus saldatının bu vəziyyətini qanlı göz yaşları ilə qarşılayır və çar zabitlərinin keçmiş vəhşi hərəkətini xatırlamadan gənc saldatların başı üzərində bir ana, bir bacı kimi ağlayırdılar. Cümə axşamlarında dilənçilər qəbiristanlara və məscid qapılarına gedirdilər. Baratov ərkani-hərbi Həmədanda yerləşmişdi. * * * XXXVI. Savlayev Nurəddin Baratov ordusunun xəstəxanası Kirmanşahdan köçürülürdü. Leylanın vəziyyəti məlum deyildi, onun xəstəliyi qismən yaxşılaşsa da, yenə bir tərəfə köçürülməsi onun həyatı üçün olduqca qorxulu idi. Eyni zamanda xəstəxanada qalmaq da mümkün deyildi. Çünki xəstəxana çox pis vəziyyətdə idi. Qışın soyuq günlərində belə soba yandırılmırdı, palataların çoxunda soba da yox idi. Xəstə saldatları arabalara yığıb birdəfəlik məhv etmək üçün yola çıxarırdılar. Savlayev Nurəddin xəstəxanaya gəldiyi vaxt xəstələrin bəzisi köçürülmüş, qalanlar isə soyuq otaqlarda ac və əlacsız uzanıb ölümü gözləyirdilər. Çox soyuq idi. Leyla nazik bir yay yorğanına bürünüb düşünürdü. Savlayev Nurəddin Leylanın çarpayısı yanında oturmuşdu, o, hələ Leylanın halını soruşmadan xəstəxana müdiri doktor Kuzmiç otağa daxil olub Savlayevə salam verdi: – Cənab miralay!—dedi.—Bu qız haqqında nə tədbir görəcəksiniz? Xəstəxana köçür. Bu gün xörək də bişirilməmişdir. Yalnız iki otaq qalmışdır ki, bu gecə onları da köçürməliyik. Bunu burada qoyub getmək lazım gələcəkdir. – Xəstəxanadan buraxılmasına səhhəti yol verirmi?! – Buradan çıxıb öz ailəsinə, öz evinə getsə və yaxşı yaşamağı bacarsa, səhhəti yol verər. Lakin bilmirəm... Savlayev dedi: – Eybi yoxdur, binagüzarlıq edərəm! Xəstəxana müdiri baş əyib getdi, Nurəddin isə uzun-uzadı düşündü və Leylanın yaşlı gözlərinə baxıb durdu. Leyla xəstəxana doktorunun nə demək istədiyini anlamışdı. O, xəstəxanada şəfqət bacılarından rus dilini qismən öyrənmişdi. Leyla çevrilib Savlayevin üzünə baxdı və dedi: – Mən sizi anlayıram! Mənim vəziyyətim, sizi də çıxılmaz bir vəziyyətdə qoymuşdur. Etdiyiniz mərhəmətdən məmnunam. Lakin, hazırda sizin haqqımda bir şey edə bilməyəcəyinizi doktorun danışıqlarından anladım. Nə etmək olar? Qoy məni şəhərə buraxsınlar. Bəlkə də birisinin mərhəmətinə nail ola bildim. Lakin örtünəcək bir şey olsaydı... Çünki mənim paltar adında heç bir şeyim yoxdur. Savlayev dedi: – Əzizim, məni dinlə! Mən heç vaxt sənin haqqında pis şey düşünməmişəm. İstədiyim bir şey varsa o da xəstə bir qıza axıra qədər yaxşılıq etməkdir. Bilmirəm, sən buna imkan verəcəksənmi?! Mən səni rahat etmək, müalicə etdirmək istəyirəm. Leyla ağlayaraq dedi: – Çox çətindir. Mənim indiki gələcəksiz və dəyərsiz həyatımın səbəbi sizsiniz. Bunu heç vaxt unuda bilməyəcəyəm. Bundan sonra yeganə bir yol varsa, o da küçəyə çıxmaqdır. Bu da ancaq əsirlikdən azad olunduğum zaman mümkün olacaqdır. – Mən səni rahat edər və istilər düşəndə səni yenə də Bağdada qaytara bilərəm. – Bağdad ingilislərdə deyilmi? – Bəli ingilislərdədir. – Elə isə Bağdada qayıtmağımın da mənası yoxdur. – Sən ingilislərdən qorxma! Mən səni öz xüsusi maşınım ilə Bağdada aparar və tanışlarınıza tapşırarəm. – Sən bunu bacarsan yerdən göyə qədər razı qalardım. Orada bizim tanışlarımız və mənim məktəb yoldaşlarım da vardır. Buna öz vicdanımla söz verirəm. Sən, hazırda mən yaşadığım evə köç! Səhhətin düzələr! Fürsət olan kimi səni Bağdada köçürərəm. Qorxma, mənim mənzilim müsəlman evindədir. Sən onların qadınları və qızları ilə də tanış və müsahib olarsan. Ev qulluqçum da sənə istədiyin xidməti edər, sənə paltar və sair şeylər də hazırlatmışam. Leyla Savlayevin sözlərinə dili ilə yox baxışları ilə razılıq verdi. Savlayev Leylanı evə köçürmək üçün fayton və paltar dalınca getdi. Leyla gözlərini qapayıb düşünür, əsirlikdən qurtaracağı və Bağdada gedəcəyi haqqında çürbəçür fikirlər edirdi. Leyla Bağdad axşamlarını xatırlayır. Dəclədə üzən minlərcə səyahət qayıqlarını görür, qaz fənarlarının işıqlarında oxuyan şərqiləri və ud səslərini dinləyirdi... Onun qayığı hökumət binaları, əskəri qışlalar yanından üzə-üzə xilafət saraylarına yanaşır, sərv ağaclarını oynadan Bağdad küləyi yenə də onun saçlarını üzünə dağıdır, o «Tac» sarayının Dəcləyə baxan pəncərələrindən əski tarix dastanlarını oxuyurdu. «Firdovs» sarayının sərv ağacları ilə örtülmüş mənzərəsində əski dünyanı görür və sarayın buraxdığı mirası gözdən keçirirdi. Leyla xanım qayıqdan baxıb xəlifələr tərəfindən tikilmiş əsirlər dairəsini gördü və diksindi. Yuxudan ayıldı və əsirliyini xatırlayıb məyus-məyus ağladı. Savlayevin faytonu xəstəxana qapısında dayandı. Savlayevlə xidmətçi qadın, əlində böyük çamadan içəri girdi. Savlayev bir saat dəhlizdə dayanıb xəstəxana müdiri Kuzmiçlə danışırdı. Otaqdan xidmətçi qadınla bərabər, qayət nəfis geyinmiş isti paltolu bir qız çıxdı. Nə Savlayev, nə də xəstəxana müdiri Kuzmiç öz gözünə inanırdı. Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əzilən əsir qızı deyil, türk çöhrəli, rum vücudlu, İran saçlı, hicaz gözlü, incə belli, mütənasib boylu, fitnəkar qaşlı, qara gözlü bir Bağdad gözəlini götürdülər. Savlayev onun əlindən tutaraq küçəyə çıxartdı, onu xidmətçi qadınla bərabər faytonda əyləşdirib evə gətirdi. Savlayevin yaşadığı bina, Amerika missiyası və İngiltərə—İran bankı və İngiltərə konsulxanasının qarşısında ikimərtəbəli bir ev idi. Həmin bu bina, əski rus konsulxanası casuslarından yerevanlı Kəblə Cəlilin mülkü idi. Kəblə Cəlilin qızları və qadınının orada yaşaması Leylaya böyük təsəlli oldu. Leyla özü üçün təyin edilmiş xüsusi otağında idi. Gecə saat 12-də Savlayev Nurəddin evə qayıtdı. Xidmətçi şam süfrəsi saldı və Savlayevin əmri ilə Leylanın qapısını tıqqıldatdı və dedi: – Miralay sizi gözləyir. Xanımın şam yeməyə buyurmasını rica edir. Leyla cavab verdi: – Çox təşəkkür edirəm, yeməyə meylim yoxdur. Nəhayət, miralayın təkidi ilə Leyla xanım süfrə başına gəldi. Miralay yenə də ona təsəlli verərək: – Sən heç sıxılma. Buranı öz atanın evi saya bilərsən. Gördün ki, səninlə əsirlər kimi rəftar edilmədi. Mən özüm, hətta Biçeraxov cənabları sənin qeydinə qaldıq. Yoxsa hərbi xəstəxanada sənə heç yer verməzdilər. Hazırda sənin istirahətin tamamilə təmin edilmişdir. Rahat yaşaya bilərsən. Qızım, nə edəsən? Müharibənin qaydası budur. Müharibə də daima müharibə edən iki tərəfin xalq kütlələrinin fəlakət və bədbəxtliyi əsasında qurulur. Müharibə nə atasızlıq, nə oğulsuzluğun acı təsirləri ilə hesablaşır. Müharibə bir oraq kimidir. O, yaxşı və yaman otların hamısını bilə-fərq biçib məhv edir. Ümidvaram müharibə tezlikdə bitər, yenə hər kəs öz yerinə qayıdar. Səni də yaxınlarda Bağdada yola salaram. Öz ata və ananı axtarıb taparsan. Mənə inan! Bu səadəti sənə qaytarmaq üçün mən də kömək edərəm. Leyla bu sözlərdən şiddətlə ağlayaraq dedi: – Siz o səadəti artıq mənə qaytara bilməzsiniz. – Nə üçün? – Çünki o səadəti quranlar artıq yoxdur. – Onlar haradadır? – Onların harada basdırıldığı da məlum deyildir. – Əcəba, onlar ölmüşmü? – Xeyr! Onlar öldürülmüşlər! Şəhrəban altındakı vuruşmada biz beş nəfər qaçqın, araba ilə gedərkən bir nəfər kazak atamı, anamı, iki nəfər də başqa qaçqınları qılıncla kəsdi. Yazıq anam özünü mənim üstümə atdı, məni mühafizə etmək istədi, onu kəsdilər, məni isə yaralayıb əsir götürdülər. Əcəba, siz nə düşünürsünüz? Mənim əski səadətimi bir daha qaytarmaq mümkünmü?! Leyla ağlayırdı, Şəhrəban altındakı gecə hücumu Savlayevin xəyalında yenidən canlandı. Yenə də qaranlıq gecədə, öz eskadronunun qum təpələri arxasında gizləndiyini və Şəhrəbandan Bağdada gedən yollarda qarovul durduğunu və qaçqınlara hücum və təqib etdiyini, arabadakıları qılıncla necə doğradığını bir daha xatırlayırdı. O, qıza heç nə söyləmədi, ancaq qızın başına gələn fəlakətin səbəbi özü olduğunu yəqin etdi və bədəni titrədi. Leyladan soruşdu: – Sizin əsliniz haradandır? – Bizim nəslimizin tarixi çox uzundur. Bizim əslimiz Şimali Qafqazdandır. – Şimali Qafqazdan? – Bəli, Şimali Qafqazdan. – İnquş və ya çərkəsmisiniz? – Xeyr, bizim əslimiz çeçendir. Lakin Türkiyəyə köçdükdən sonra, tamamilə türkləşmişik. – Siz Türkiyəyə nə üçün köçdünüz?! – Bizim Türkiyəyə köçmək tariximizi bir neçə sözlə demək mümkün deyil! Uzun söhbətlə vaxtınızı almaq istəmirəm. Bir də bizim ailənin tarixi başqalarını maraqlandıracaq qədər əhəmiyyətli deyildir. Savlayev dedi: – Yox, elə düşünmə! Mən əvvəldən də səni aristokrat ailədən çıxmış zənn etmişəm. Buna görə də səninlə başqa cür rəftar edilməsini tapşırmışdım. İndisə biz bir-birimizlə, başqa bir dildə, yəni uzaq adamlar kimi danışmamalıyıq. Mən himayə etdiyim bir simanın kim və hansı bir ailədən olduğu ilə həddindən artıq maraqlanıram. Mənim üçün heç də baş ağrısı deyil, danış, səni dinləyirəm. Leyla xanım başladı: – Mənim danışdıqlarım yaşımdan çox irəlidir. Bu söhbətlər atamın uşaq olduğu zamanların söhbətidir. Bizim Türkiyəyə köçməyimiz rusların, Çeçenistanı işğal etdiyi günlərdən başlamışdır. Çeçenlər çox dinc və ibtidai adət və ənənələri sevən bir xalqdır. İşğalçı rus çarı üçün iki şey lazım idi: çeçenləri ruslaşdırmaq və yaxud yerlərindən köçürtmək! Yerli ruhanilər, o cümlədən Çeçenistan imamı Şeyx Kunta xalqın pravoslav dininə keçməsinə yol verməmək üçün son dərəcə fanatik zikri təriqətini ortalığa atdı. Bu təriqət, Çeçenistanda rus çarlığı əleyhinə siyasi bir təbliğat olaraq genişləndi və Dağıstan, Zaqatala camaatı arasında yayıldı. Bu söylədiklərim 1862-ci illərin sözüdür. Bu zamanlar bütün Şimali Qafqaz təriqətlər yuvasına dönmüşdü. Ruslaşdırmaq siyasəti ilə mübarizə aparmaq üçün yerli xalq rəhbərlərinin əlində, xalqı dinə və dinin müxtəlif təriqətlərinə təhkim etməkdən də başqa bir vasitə yox idi, buna görə də Şimali Qafqaz, müxlisi, sufi, zikri, bəktaşi və nəqşbəndi təriqətlərinin yuvasına dönmüşdü. Bəzən bununla mübarizə apara bilməyən rus missionerləri dini bayram adətlərini və o kimi günlərdə təşkil edilən toplanışları silah gücünə dağıtmağa qədər varıb çıxdı. Gizlin ibadət üçün çöllərdə toplananları top güllələri ilə dağıtdı. Nəhayət, 1864-cü ildə Rusiya hökumətinin əmri ilə yerli hökumət, qəfildən Şeyx Kunta və onun qardaşı Mavsuri beş nəfər vəkilləri ilə bərabər həbsə aldırdı. Bu xəbər kiçik və böyük Çeçenistanda məlum olar-olmaz, onlar birləşərək Şalı kəndində toplandılar. Bu vaxtda general Tumanovun dəstəsi yetişib Şalı kəndində toplanan çeçenləri, yaxud zikri təriqətinin müridlərini qurşun gücünə məhv elədi. Hökumət bununla kifayətlənməyərək çeçenləri qırıb məhv etmək, onları rus missionerlərinə tabe etmək üçün 1864-cü ilin aprelində Severski dragun alayı ilə bərabər 40-cı diviziyanın iki alayını dəxi Çeçenistana göndərdi. Çeçenlərdən qırılan qırıldı, pravoslav dinini qəbul edənlər bir az torpaq alaraq yaşadılar, qəbul etməyənlər torpaqsız qaldılar. Torpaq məsələsi Çeçenistanda əvvəldən də doğru qoyulmamışdı. Knyaz Baryatinski hələ 1860-cı illərdə çeçen camaatına verdiyi elanında çeçenlərin gələcəyini lazımınca təyin eləmişdi. Elanda deyilirdi: «Sizin torpaqlarınız aullar arasında təqsim ediləcəkdir. Çeçen aullarının ətrafında yerləşdirilən kazaklar da bu təqsimə daxil olur. Torpaqdan ümumi hüquqla istifadə ediləcəkdir. Lakin bir neçə uçastok bura daxil deyildir. Bu uçastoklar xüsusi adamlara verilmək üçün ayrılmışdır. Xəzinə tərəfindən müsadirə edilmiş dağ hissəsindəki torpaqlardan isə əhali yalnız otlaq sifəti ilə istifadə edə bilər». Lakin bu vədlər olmadan da çeçen xalqı torpağın kifayət verməyəcəyini bilirdi, çünki Çeçenistanda yerləşdirilən kazakların miqdarı torpağın miqdarından bir neçə qat artıq idi. Buna baxmayaraq hökumət yenə də Çeçenistana yeni kazak ailələri köçürməyə başlamışdı. Belə ki kiçik Çeçenistanda 1012 kazak ailəsi əlavə olaraq yerləşdirilmişdi. 1866-cı ildə Ter kazakları ilə çeçenlərin torpaq hüdudlarını, təyin etmək üçün təşkil edilmiş komissiya öz yeni layihəsi ilə çeçen kəndlilərini daha da sıxışdırdı və yaxşı torpaqları kazaklara verdi. Hökumət bununla da kifayətlənməyərək Terek çayı arxasında yerləşən çeçenləri sıxışdırmaq üçün yeni bir vasitə düşündü. Onları köçməyə məcbur etmək üçün 1-ci, 2-ci sunjenski kazak alayları çeçenlərin başı üzərində yerləşdirildi. Çeçen camaatı dəstə-dəstə, bəzən bütün aullarla Türkiyəyə köçməyə başladılar. Köçənlərin kəndlərini və torpaqlarını çar kazakları işğal etdi. Çeçenlərdən Ter ölkəsində çox az qalmışdı. 1876-cı ilin axırında Rusiya—Türkiyə müharibəsi ciddi bir şəkil aldığı zaman çar hökuməti öz arxasını təmin etmək üçün Dağıstanda və Çeçenistanda tədbir gördü. Çeçenlərin məşhur aulu Şalıda qırğın və talana başladı. Çeçen xalqı bu talandan sonra dağlara çəkildi, orada da çar hökuməti onların arasında yaratdığı ixtilaf və düşmənlik nəticəsində, çeçenləri bir-birinə qırdırırdı. Beləliklə kazakların qılıncından qurtaranlar aşkarda və gizlində Türkiyəyə qaçmağı qət etdilər. Mənim atam da o zaman kiçik uşaq ikən atası və anası ilə bərabər Türkiyəyə köçmüşdü. Babam o qədər də kiçik adam deyilmiş. Onlar İstambula az dövlət aparmamışdı. Atamın «Dəri səadət» çavarında, Anatoluda, Kaziköyün 5 kilometr şərqində, Ərənköydə gözəl bağçalıqları və bir neçə köşklərdən ibarət mülkü vardı. Atam ali savadlı olduğu üçün ən böyük vəzifələrdə çalışırdı. Atam İstambulda bir çeçen qızı ilə evlənibmiş. Mən və qardaşım Nəcməddin İstambulda doğulmuşuq. Orada da təhsil almışıq. Atam on ildir ki, Bağdada təyin edilmişdi. Həyatımız çox gözəl keçirdi. Mən və qardaşım bir neçə dil bilirik. Biz ən gənc ikən ata-ana məhəbbətini duyduğumuz zaman onları birdən-birə itirdik. Savlayev Leylanın ailəsi haqqında məlumat aldıqdan sonra, yenə də onu sakit etməyə başladı: – Dünya belədir. O heç kəsin arzusu ilə oynamaz. Mənim də uşaqlığım belə keçmişdir. Mən də uşaq ikən ata və anamdan ayrılmışam. Nə edəsən? Əcəba, sizin Şimali Qafqazla əlaqəniz varmı? – İndi haradan əlaqəmiz ola bilər? – Təbii, indi əlaqə ola bilməz. Bağdadda, İstambulda olduğunuz zaman Şimali Qafqazla əlaqə saxlamadınızmı? – Atam əlaqə saxlayırdı. O həmişə Şimali Qafqazda hərbi işlərdə çalışan gənc bir qardaşı olduğunu söylərdi. Anam da hər vaxt, «Sizin Şimali Qafqazda bir əminiz vardır» deyə bizə söhbət edərdi. Çünki atam İstambula köçəndə kiçik qardaşı xəstə olduğu üçün onu özü ilə apara bilməmişdi. – Şimali Qafqazdakı əminizin adını bilirsənmi? – Təbii, bilməmiş deyiləm. Gərək ki, onun adı Nurəddin bəydir. Leylanın bu sözündən sonra, Savlayev dəli olacaq qədər həyəcanlı idi. Leyladan soruşdu: – Sən bunu yəqin bilirsənmi?! – Bəli, indi xatırlayıram! Hələ mən anamın qucağında ikən o mənim saçlarımı sığallardı. Məni dilə tutub yavaş-yavaş oxuyardı: Bunun yuxusu gəlsin. Nurəddin əmisi gəlsin, Çiçəkdən başmaq, Güllərdən yaşmaq gətirsin. Savlayev dəhşətə düşmüş kimi diksinib qalxdı və soruşdu: – Söylə, tez söylə! Atanın adı nədir? – Atamın adı Eynəddindir! Bu sözdən sonra Nurəddin ikiəlli başına çırparaq: – Bədbəxt və yazıq qardaşım vay!—deyə ağladı və Leylanın başını qucaqladı: – Sən mənim qızım, mənim talesiz Leylam! O, ağladı, ağladı. Qardaşını və qardaşının qadınını öz əli ilə öldürdüyünü xatırlayaraq acı-acı, hönkür-hönkür ağladı. Nəhayət öz qəlbində: – Nə edəsən, hərbi vəzifədir!—deyə başını qaldırdı. * * * XXXVII. İngilis missiyası Leyla və Savlayev hələ səhər çayını içib bitirməmişdilər ki, Biçeraxov ərkani-hərbindən miralay Savlayevin adına göndərilən telefonoqramı gətirdilər. «Telefonoqram № 245. Miralay Savlayevə: Bu gün səhər tezdən (7-də), Mahudəştdən alınan telefonoqrama əsaslanaraq, sizə məlumat verilir: Bakıya getmək məqsədi ilə Bağdaddan hərəkət edən 24 nəfərlik İngiltərə missiyası, 41 fordun müşayiəti ilə, saat səkkizdə Mahudəştdən Kirmanşah tərəfə hərəkət edəcəkdir. Qarovul məntəqələrindən alınan xəbərlərə görə şiddətli tufan nəticəsində Mahudəşt ilə Kirmanşah arasındakı yolları qar basmışdır. Buna görə də, İngilis missiyasına bədbəxt hadisə üz verməsin deyə missiyanı istiqbal və hər bir ehtimala qarşı müdafiə üçün 10 nəfərlik atlı kazak dəstəsinin yola çıxmasına əmr edəsiniz. P. Biçeraxov. 3 fevral, 1918-ci il» Leyla xanım bu telefonoqramın məzmunundan xəbər tutdu, bütün vücudu titrədi. – Aman allah,—bizi fəlakətə salanlar yenə gəlirmiş! Nurəddin isə onun saçlarını sığallayaraq alnından öpdü: – Qızım, qorxmağa heç də lüzum yoxdur. Onlar müharibəyə gəlmirlər. Onlar Bakıya getmək və əski Rusiyanın bərpası yolunda çalışanlara yardım etmək məqsədi ilə gəlirlər. Mən səni tanış edəcəyəm, onlar əski Rusiyanın müttəfiqləridir. Leyla onun sözlərini yarımçıq kəsdi və dedi: – Əmi can, ingilislər heç bir zaman şəxsi mənfəətləri olmayan bir işdə iştirak etməzlər. Əmin olmalısan ki, onlar əski Rusiyanın bərpası üçün yox, əski Rusiyadan bir hissə qoparmaq üçün gedirlər. Savlayev öz barışdırıcı, yaltaq və hiyləgər xasiyyətlərini təbliğə başladı. O, Leylaya nəsihət verərək: – Əvvələn, ingilislər sənin düşündüyün kimi deyil!—dedi.—Tutaq ki, hər iş sənin düşündüyün kimidir. Əcəba, insan hər bir düşündüyünü lisanına gətirərsə yaşaya bilərmi?! Gözəl qızım, sən onu bilməlisən ki, hər insan hər bir şeyi düşünə bilər, burada hər kəs azaddır. Lakin hər bir düşünçəni həyata keçirmək dildə demək kimi asan deyil. Öz düşünçəsinə tərəfdar axtaranlar bəzən böyük bir fəlakətə də düşə bilərlər. Bir çox fikirlər vardır ki, dünyada özünə heç vaxt tərəfdar tapa bilməz. Buna görə də sən, daima xalqın bəyənə biləcəyi fikirləri, ümumun düşüncəsi ilə barışa biləcək düşüncələri meydana atmalısan. Hazırkı mühitimizdə İngiltərə tərəfdarlığı fikri ümumi bir fikirdir, bu fikir xaricində yaşamaq təhlükəlidir. Mən elə zənn edirəm ki, sən ingilislər ilə tanış olduğun zaman, nəinki belə düşünçələri dilinə gətirmək, hətta onlara öz qəlbində də yer vermək istəməyəcəksən, çünki əqilli, idraklı və şüurlu insanlar, daima güclülərdən istifadə etməyi bacaranlardır. İndi, gözəl qızım, zaman da elə bir zamandır. İndi əski dünya dəyişir, böyük Rusiya yoxdur, böyük Rusiya sayəsində çörək yeyən bizim kimilər, özünə yeni bir səadət qurmaq üçün vasitə axtarır. Bizim yolumuz, yəni haman səadətin yolu, İngiltərə tərəfdarlığından ibarətdir. Buna görə də sən məni dinləməli və ehtiyatkar bir qız olmalısan. Leyla heç bir söz demədi. Savlayevə ikinci bir telefonoqram gətirdilər. «Cənab Nurəddin! Bu gün başda cənab Denster-Vil olmaq üzrə, Britaniya missiyası Kirmanşaha gəlir, buna görə də İngiltərənin Kirmanşah konsulu miralay Konion və xanımı madam Konion missiyanın şərəfinə veriləcək ziyafətdə, öz möhtərəm qızınız Leyla xanımla bərabər iştirak etməyinizi rica edir. Axşam saat səkkizdə təşrifinizə müntəzir, miralay Konion. 3 fevral, 1918-ci il». Axşam saat doqquzda, Leyla və Savlayevi gətirən maşın, ingilis konsulxanası qarşısında durdu. Birinci dəfə idi ki, ingilislər Avropa tərbiyəsi almış gözəl bir türk qızını öz məclislərində görürdülər. Onlar Leylanın əlini sıxmaq və onunla tanış olmaq üçün növbəyə durdular. Leyla ingiliscəni ingilislər kimi danışırdı. Biçeraxov Leylanın danışığını eşitdikdə, ingilislərə müraciətlə məğrur halda dedi: – Çeçen qızıdır. Qardaşımız qızıdır. İngiliscə, almanca, fransızca mükəmməl təhsil almışdır. Leylanın ingilislərlə olan söhbəti Biçeraxovun dediklərini təsdiq edirdi. Leyla ingilisləri görmək və onlarla səmimi olmaq istəmirdi, lakin əmisi Savlayevin tapşırığına görə, istər ingilis missiyası üzvləri, istərsə ingilis konsulu Konion və onun qadını ilə səmimi olmağa çalışırdı. Leyla bu vaxta qədər missiya üzvlərinin kimlərdən ibarət olduğunu bilmirdi. Nəhayət, ingilis konsulu missiya üzvlərini Leylaya təqdimlə dedi: – Missiyanın sədri cənab Denster-Vil! Bu da kapitan Stoks cənablarıdır. Bu cənab da kapitan Kuperdir. Bu cənab isə Çonsondur. Bu zabit də Annotta cənablarıdır. Tanış olun, bu da mayor Burnıskidir. Bu, kapitan Çondur. Bu da doktor Konisbeldir, yanındakı cənab doktor Adamdır. Sol tərəfdə duran cənab isə miralay müavini Kletterberqdir. Sonra ingilis konsulu mister Konion, Nurəddin Savlayevi missiya üzvlərinə tanıtdı: – Hörmətli miralay Biçeraxovun müavini, miralay Savlayev cənablarıdır. Bu cənab özünü ingilislərin səmimi dostu kimi tanıtmışdır. Bunun qəhrəmanlıqları ları Baratov ordusunun irəli hərəkətinə böyük yardım göstərmişdir. Bu söz missiyanın sədri general Denster-Vilin xoşuna gəldi və ayağa qalxdı: – Dostumuzun əlini təkrar sıxmaq lazımdır,—deyə Savlayevin əlini sıxdı. Leyla bu vəziyyəti gözdən keçirərək qəlbində dedi: «Bunların hamısı Türkiyə düşmənləridir. Burada oturanların hamısı Türkiyəni fəlakətə salanlardır. Əcəba, Türkiyə bunları tanımırmı?! Bu işləri onlara xəbər verən yoxmu?» Bu kimi fikirlər Leylada başqa-başqa duyğular oyatdı. O, mütləq Türkiyə komandanlığı ilə əlaqəyə girməyi qət etdi. Yemək otağına keçdilər. Birinci qədəhi ziyafət sahibinin və onun qadınının şərəfinə içdilər. İkinci qədəhi qaldırmaq üçün ingilis missiyası sədri general Denster-Vil söz alıb ingilis diplomatlarına məxsus yalançı və aldadıcı dilini işə saldı: – Bir tərəfdən Böyük Britaniya, digər tərəfdən isə əski Rusiyanın əzəmətini bərpa və davam etdirmək məsuliyyəti bu süfrənin başında əyləşənlərin öhdəsindədir. Burada oturanların məqsədləri birdir. Bizim düşmənimiz və mübarizə apardığımız cəhətlər də ümumi cəhətlərdir. Biz əski Rusiya və onun dostu olan Böyük Britaniyanın qalibiyyəti uğrunda çalışan silah arxadaşlarıyıq. Biz bir tərəfdən almanlar, bir tərəfdən osmanlılar, o biri tərəfdən də qırmızılar əlində parçalanan əski Rusiyanın köməyinə gedirik. Düşmən ayağının altında inləyən yaralı Rusiya bizi köməyinə çağırır. Burada oturanlara məlumdur ki, Rusiya-İngiltərə hökumətləri Alman cahankirliyinə qarşı dörd ildən bəri mübarizə aparır. Siz Rusiyanın müvəqqəti məğlubiyyətini heç etinaya almayın! Biz almanlara qalib gəlmişik, bu qalibiyyəti axıra qədər aparmaq üçün sizin də sıx iştirakınız lazımdır. Nə qədər almanlar «B» hərfi üzərində qurduqları cahankirlik siyasətindən əl götürməmişlər, biz də «bölünməz Rusiya» şüarına sadiq qalan sizin kimi simalarla əməkdaşlıq edərək onlarla apardığımız mübarizəni davam etdirəcəyik. «Berlin—Bağdad». Bu kəlmələr nə deməkdir?! Almaniya cahankirliyinin birinci xətti yuxarıda göstərilən iki kəlmənin əsasında qurulmuşdu. Almanlar Berlin—Bağdad dəmir yolunu nə üçün çəkirdi?! Almanlar bu dəmir yol vasitəsilə Kiçik Asiyanın, oradan isə Hindistanın ürəyinə soxulmaq və onların sahibi kəsilməyə çalışırdılar. Lakin rus silahı ilə əməkdaşlıq edən ingilis silahı, almanların Berlin—Bağdad şüarları əsasında qurulan siyasətini darmadağın etdi. Bizim 17-ci ilin martında Türkiyə ordusuna vurduğumuz ölüm zərbəsi nəticəsində «Berlin—Bağdad» kəlməsinin axırında olan «Bağdad» sözünü qırıb atdı, Bağdad artıq əski Rusiya müttəfiqləri olan ingilislər əlindədir. Bəli, Bağdad alındı, lakin həris olan Almaniya cahankirliyi yenə də «B» hərfi əsasında qurulan şüarını davam etdirməkdən əl çəkmədi, onu daha da genişləndirdi. Almaniya cahankirliyi indi də öz planını «Berlin—Batum—Bakı—Buxara» kəlmələri əsasında qurmuşdur. Onlar bu planı həyata keçirməklə, bir tərəfdən Xəzər dənizinə, Bakı neftinə və o biri tərəfdən də Türküstan pambığına və sair təbii sərvətlərə sahiblənəcəklərmiş. Bizə gəldikdə əski Rusiyanın malı olan bu sərvətləri ona yedirməmək üçün var qüvvəmizlə çalışacağıq. Sizinlə əməkdaşlıq etməyimizin də mənası budur. Almanlar düzdükləri bu son planları ilə digər bir siyasət dəxi təqib edirlər ki, o da bundan ibarətdir. Onlar Türküstan və Buxara məmləkətlərini əldə etdikdən sonra kiçik Əfqanıstanın istiqlaliyyətini pozmaq istəyəcəkdir. Almanlar Əfqanıstanı işğal etdikdən sonra Hindistana daxil olmaq istəyəcəkdir. Biz isə sizinlə əməkdaşlıq edərkən, belə bir əqidəyə varmalıyıq: nə qədər ki, Rusiyada inqilabi hərəkat davam edir, nə qədər ki, almanlar bu hərəkatın yaratdığı pozğunluqdan istifadə edərək Rusiyanın qəlbinə soxulmaq istəyir, nə qədər ki, bolşeviklərin almanlarla imza etdiyi Brest-Litovski müqavilənaməsi Rusiyanın qapılarını Almaniya—Türkiyənin üzünə açır, biz də sizinlə əl-ələ verərək haman qapıları qapamaq və təhqiredici müqaviləni pozmaq uğrunda mübarizə aparmalıyıq. Siz onu bilməlisiniz ki, bizə Brest müqaviləsini pozmaq uğrunda aparacağımız mübarizədə milyonlarca mədəni insanlar və minlərcə bolşevik düşmənləri yardım göstərəcəkdir. Bizə kütlələr və kütlələri əhatə edən ikinci internasionalçılar qoşulacaqlardır. Hazırda Rusiyada bu müqaviləni qanun xaricində bilən yüz minlərlə şüurlu adamlar vardır. Həqiqi ruslar, milli istiqlaliyyəti İngiltərə himayəsində görən daşnaqlar və sairlər bizim yolumuzu gözləməkdədir. Ağalar! Almanlar öz murdar əlini Bakı neftinin namusuna uzatmaq istəyir, almanların qabaq dəstələri hesab olunan türk orduları Bakıya girmədən və öz vəhşi əllərini neft mədənlərinin döşlərinə qoymadan əvvəl, biz özümüzü Bakıya yetirməliyik. Biz burada bu süfrənin başında, Qafqazın həd-hesaba gəlməyən sərvətini Orta Asiya və aşağı Volqanın zənginliyini almanlara və türklərə qarşı müdafiə üçün and içməliyik. Mən bu piyaləni, həmin andın və andın arxasında durub onu axıra qədər aparacaq qəhrəmanların, Biçeraxov dəstəsinin və onun rəhbərlərinin şərəfinə, mədəni çeçen qızının şərəfinə içirəm! General Denster-Vil öz tostunda ingilis missiyasının məqsəd və arzusunu tamamilə aydın etmiş oldu. Qədəhlər böyük ruh yüksəkliyi ilə qaldırıldı, qədəhlərdən çıxan səslər, süfrə başında oturanların qəlbindən qopan səsləri ifadə edirdi. Bu səslər gələcək əməkdaşlığı möhkəm saxlamaq üçün bir and idi. Leyla düşünürdü. Osmanlıların düşmənləri sırasında oturduğundan öz-özünə nifrət bəsləyirdi: onun öz əmisinə və Biçeraxova qarşı bəslədiyi gizli nifrət böyüməyə və qəlbinə sığmamağa başlamışdı. O, nə olur-olsun türklərlə əlaqəyə girmək və bu məsələləri onlara yetirməyi qət etmişdi. Yemək bitdi. Süfrə başındakılar kiçik qruplara bölünərək salonu gəzişərkən, Biçeraxov ilə missiyanın sədri Denster-Vil də kiçik bir stol başında oturub konyak içməklə məşğul idilər. Leyla xanımın tərcüməsi ilə lazımi məsələləri müzakirə edirdilər. * * * XXXVIII. Kirmanşahdan Həmədana İngilis missiyası köçüb Həmədana getdikdən sonra Biçeraxov da nəqliyyat işlərini düzəltməyə və öz dəstəsini yola çıxarmağa hazırlaşırdı. Biçeraxovla ingilislərin müqavilənaməsi rəsmi şəklə salınmasa belə, məsələlər tamamilə danışılıb qurtarmışdı. İngilislərlə görüşdükdən sonra Biçeraxovun maliyyə məsələsi də düzəlməyə başlamışdı. Biçeraxov Kirmanşahdan Həmədana köçmək istədiyi zaman, Kirmanşahda qalmış Baratov saldatlarını, xüsusən zabitlərdən bir çoxunu öz dəstəsinə qəbul edirdi. Bütün bu hərəkətlər Biçeraxovun gələcəkdə hərbi hərəkata girişəcəyini göstərirdi. Ordudan geri qalanlar və öz məmləkətinə getmək istəməyənlər səhərdən axşama qədər Biçeraxov ərkani-hərbi yerləşən binanın qarşısını kəsib özünü qeyd etdirirdi. Saldatlar ümumi ordu qanunu üzrə, zabitlər isə xüsusi müqavilələrlə Biçeraxovun dəstəsinə daxil olurdular. Martın birində verilən xəbərdarlığa görə Biçeraxovun dəstəsi ayın yeddisinə qədər Kirmanşahı boşaltmalı idi, çünki bu gün ingilislərin Bağdad qarnizonunun kiçik bir hissəsi Kirmanşaha gələcək və Biçeraxovun boşaltdığı şəhəri işğal edəcəkdi. İngilislərlə Biçeraxov arasındakı sazişə görə, Biçeraxov, İran torpaqlarını, İran hökumətinə deyil, ingilislərə təhvil verməli idi. İngilislər bu plan vasitəsilə Bağdaddan Bakıya qədər olan uzun məsafəni öz əllərində saxlayacaq, Bakıda alman-türk ordusu ilə müharibəyə girişəcək, ingilis qüvvələrinin arxasını təmin edəcəkdilər. Martın 7-də səhər saat beşdə, Leyla xanım və Savlayevi Həmədana aparası maşın, yerevanlı Kəblə Cəlilin qapısında durub siqnal verirdi. Maşında Leyla xanım, Savlayev və bunlarla iki nəfər kazak oturmuşdu. Maşın hərəkət etdiyi zaman hələ gün çıxmamışdı. Kürdüstan gecəsinə məxsus qış ayazları ağlayır dı, kiçik buz parçalarından ibarət olan göz yaşlarını, ağ kəfənə bürünmüş xaraba şəhərin köksünə tökürdü. İqtisadiyyat, siyasət, mədəniyyət və mənəviyyatca ölmüş şəhər, çar ordusu təpikləri altından çıxdığı günü, ingilis cahankirlərinin ayağı altında tapdanacağını hiss edərək, son nəfəsini çəkirdi. Küçələrdə kimsə yox idi, nə tacirləri bazara daşıyan, nə də karvansaralardan çöllərə peyin aparan uzunqulaqlar küçələrdə görünürdü. Hamamlardan, qüsl edib dua oxuya-oxuya çıxanlardan və gəlib-gedəndən pay istəyən dilənçilərdən başqa heç kəs yox idi. Dilənçilər soyuqdan barmaqlarını ağzına soxub hovxurur, ayağının birini qaldırıb, birini qoyurdu. Savlayevin maşını, Bəhram şahın zamanından qalmış xaraba şəhərin yanından keçdikdə, buzlanmış at çəmdəklərindən bir şey qopara bilməyən ac köpəklər, maşının dalınca hürürdü. Maşını təqib edib hürən köpəklər sanki bununla: «Rədd olun, çar köpəkləri! Ölkədə gəmirmək üçün sümük də qoymadınız!»—deyirdi. Köpəklər maşından əl çəkmirdi. Maşın, qədim sarayın xaraba kərpicləri üzərində yürüdüyü zaman, yenə də köpəklər yüyürür və hürürdü. Nəhayət, Savlayev mauzerini çəkib köpəklərdən ikisini vurdu, bununla da çar istilası tarixinin son səhifəsi bitdi. Kirmanşahda adi bir hal almış vəba və taun xəstəliyi nəticəsində genişlənmiş böyük bir qəbiristan bitmək bilmirdi. Maşın yürüdükcə üzərinə qar düşmüş mərmər baş daşları da sanki kəfəni başında qalxan ölülər kimi, Savlayevə gülərək deyirdi: «Gedin, canilər! Siz hər yerə ölüm, fəlakət aparırsınız!» Maşın Kirmanşah çayı körpüsünü kəsib Bisütun dağlarını salamlamaq üçün sürətlə yürüyürdü. Hava qaşqabağını sallamışdı. Sanki yeni bir hadisə üçün hazırlaşırdı. Şofer maşını Bisütun dağındakı qədim yazılı daşın yanında saxladı. Leyla başını maşının pəncərəsindən çıxarıb, yüzlərcə qalib və məğlubları ötürən daş rəsmləri gözdən keçirtdi. Miladdan qabaq yazılmış bu daşın nədən ibarət olduğu barəsində düşündü. Savlayevin maşını, Həmədandan Kirmanşaha gələn dəvə karvanlarına Bisütunda təsadüf etdi. Karvan xalqı irəli getməyi məsləhət görmədi. Bisütunda, Şahabbas karvansarasında düşüb, gecəni qalmağı məsləhət gördülər. Çünki qabaqda qar, tufan başlamışdı. Savlayev gecə orada qalmağa cürət etmədi. Çünki şimaldakı kürd kəndləri əvvəldən də çar ordusuna tabe olmurdular. Xüsusən Biçeraxov ordusu Kirmanşahdan çəkildikdən sonra kürdlər yollarda hökmranlıq edirdilər. Savlayev güman edirdi ki, onlar Biçeraxov dəstəsinin son hissələrinə qoşulub qorxulu yollardan keçəcəkdi. Lakin Savlayevin gümanı düz çıxmadı. Dəstənin son hissəsi gecə saat dörddə yola düşüb Kənkavərə getmişdi. Onları yaxın telefon məntəqələri vasitəsilə dayandırmaq və yaxud kömək üçün yola bir qədər atlı çıxarmaq da mümkün deyildi. Çünki son dəstə hərəkət etdiyi zaman telefon məntəqələrini də təsviyə edib aparatları aparmışdılar. Savlayev nicatı irəli getməkdə görürdü. Maşın türklər tərəfindən partladılmış və ruslar tərəfindən təmir edilmiş əski körpünü ötərək Bisütunu arxada buraxdı. Maşın sürətlə getdikcə, irəlidə şiddətlənməkdə olan qarlı tufana yaxınlaşırdı. Baratov ordusu tərəfindən düzəldilmiş Qəzvin—Kirmanşah şose yolu vasitəsilə getmək çox da çətin deyildi. Lakin Kirmanşahdan başlayaraq Həmədana qədər şiddətli qar yağması, 165 kilometr yolu bir gün ərzində getmək ümidini vermirdi. Qar şiddətlə yağırdı. Böyük və qanlı müharibələr meydanı kəsilmiş «səhnə» dairəsi, osmanlı və çar ordusu tərəfindən əldən-ələ keçərək dağılmış kəndlər, qalın qar yorğanına bürünüb uyuyurdu. Örtüsüz pəncərələr, tüstüsüz bacalar ağzını açaraq, xarabalıqlar yaradan cahankir ordulara dastan oxuyurdu. Qarlı küləklər, səhərdən axşama qədər gəlib-gedən karvanların izini itirmiş və şose yolundan bir əsər qoymamışdı. Şofer Safonov maşını Kənkavərdə saxladı və dedi: – Cənab miralay, irəli getmək qorxuludur. Kənkavərdə gecələməkdən başqa çarəmiz yoxdur. Savlayev boyun qaçırmadı. Çünki qalın kürklərin içərisində olduğuna baxmayaraq, Bağdadın ilıq havasında bəslənmiş Leyla xanım donmaq üzrə idi. Leyla xanım da Kənkavərdə gecələməyi məsləhət görürdü. Lakin burada gecələmək, maşındakıları soyuqdan müdafiə etsə də, ölümdən müdafiə edə bilməyəcəkdi. Çünki kazak dəstəsinin son hissəsi Kənkavərdə olduğu zaman, başıpozuqluq edərək evlərə soxulmuş, xalqı talan etmişdi. Buna görə də yerli camaat silaha sarılıb üsyan etmiş və kazakları qovub Kənkavərdən çıxarmışdı. Bu xəbər Savlayevi çıxılmaz vəziyyətdə qoydu. O, nə edəcəyini bilmirdi. Geri qayıtmaq da mümkün deyildi. O bir az düşünərək Safonovu səslədi: – Sür, oğlum! Bizi görmək istəməyən yerli xalqın əlində ölməkdənsə, qar altında ölmək məsləhətdir. Texnika ilə acıqlı təbiət mübarizəyə başladı. Gecənin qaranlığında geniş düzləri bürümüş qardan başqa heç bir şey görünmürdü. Kənkavər artıq arxada buraxılmışdı. Qalın və arası kəsilməz qarları, şiddətli küləklər müşayiət etməkdə idi. Külək maşının ətrafında qar təpələri düzəldirdi. Maşın hərəkət etməkdən aciz idi. Maşının parlaq fənarı üzərinə un və toz qonmuş dəyirman lampası kimi saralmaqda idi. Fənarların üzünü qar bürümüşdü. Mart tufanları, sanki İran kəndlisinin kürəyini minlərcə qamçı və tüfəng qundağı ilə əzən və İraqı İngiltərə cahankirlərinə yedirmək üçün qanlar tökən, minlərcə kəndləri xaraba qoyan Baratov, Biçeraxov və Savlayevlərə qarşı intiqam deyə bağırırdı. Maşındakıların hamısı can qeydinə qalmışdı. Leyla xanım donur və titrəyirdi. Sağdan, soldan və qarşıdan bir neçə güllə açıldı. Maşın hərəkətini azaldaraq dayandı. Leyla maşında uzandı. Savlayev şoferi səslədi: – Nə üçün saxladın?! Sür, qorxma!—Maşın yerindən tərpənmədi. Safonov başını rula söykəyib həmişəlik yatmışdı. Çünki maşını qarət etmək istəyənlər əvvəlcə şofer Safonovu vurmuşdular. Hər tərəfdən güllə açılırdı. Leyla kürkü başına çəkərək uzandığı vaxt, Savlayev və iki nəfər də kazak maşından düşərək atışmağa başladılar. Atışma fayda vermədi, çünki maşına hücum edən dəstələr, qaranlıqdan və qar tufanlarından istifadə etməyi bacarırdılar. Kazakların ikisi də vuruldu. Savlayev isə yaralı olduğuna və yerindən hərəkət edə bilməməsinə baxmayaraq mauzer güllələrini yağış kimi yağdırırdı. Quldurlar ölən kazakların silahını və paltarını soyaraq, maşına yaxın gəldikdə, bir qızın uzandığını gördülər. Maşını qarət etdilər və Leylanı da apardılar. Səhər saat 12-də Kirmanşahdan Həmədana gedən bir ingilis avtomobili yaralı Savlayevi maşında kürkə bürünmüş tapdı. Leyladan xəbər yox idi. * * * XXXIX. Hərəmxana Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı. Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı. Hərəmlərin hər biri qızı görməyə çalışır və işin həqiqətini öyrənməyə tələsirdi, lakin buna heç birisi nail ola bilmirdi, çünki yeni gətirilən qızı ancaq Mirzə Loğman həkim və bir də Əmiri-Əfxəmin özü görə bilirdi. Qızın yeməyi təzə təşkil olunmuş mətbəxdə bişirilir və yeni çağırılan xidmətçilər vasitəsilə aparılırdı. Əmiri-Əfxəm yeni gətirilən qız üçün başqa bir həyət ayırmışdı, oraya hərəmlərin və xidmətçilərin buraxılması qadağan edilmişdi. Qızın əl-ayağı buzlamış və özü də soyuqlamışdı. Mirzə Loğmanın onu sağaltmaq üçün çəkdiyi zəhmətlər, yavaş-yavaş səmərə verir və Leyla xanım özünü yaxşı hiss etməyə başlayırdı. Leyla birinci kərə gözünü açdığı zaman, indiyə qədər görmədiyi və «Min bir gecə» romanında təsadüf etdiyi bir hərəm otağını gördü. Onun yatdığı yorğan-döşək, bir çarpayıda deyil, ipək bir xalçanın üstündə açılmışdı. Evin divarları zərli boyalarla boyanmış, taxçaların hər birisində bir padşahın təsviri çəkilmişdi. Hər tərəfə baxdı. Fətəli şahın uzun saqqalını, Nadir şahın həris və doymaq bilməyən gözlərini və Nəsrəddin şahın uzun və kəşidə bığlarını gördü. Divarlarda «Bəhram-Gur»un şikarı, Xosrov və Şirinin məşiqələri, evin tavanında isə çılpaq və qanadlı qız şəkilləri bir-birinin yanına düzülmüşdü. Məxmər döşəklər, ipək çarşablara bağlanmış rəxtxablar, taqlarda düzülən kasa-boşqablar, yuxarı başdakı taxçada qoyulan qəlyanlar, ipək qotazlı pərdələr, «müqəddəslər»in şəkillərindən ibarət tablolar və sairləri gördükdə Leylanı heyrət götürdü və harada olduğu haqqında düşünməyə başladı. Onun yatacağından bir az kənarda, döşəyin üzərində bardaş qurub əyləşən bir adam qəlyan çəkirdi. Leyla uzun dəqiqələr onu nəzərdən keçirtdi, bu adam hərəmxananın sahibi, onun təşkilatçısı və Həmədanın məşhur mülkədar və sərvətdarı sayılan Əmiri-Əfxəm idi. Əmiri-Əfxəm qəlyanı sümürüb tüstüsünü burnunun deşiklərindən çıxardığı zaman, sanki bir hovuzun ortasında qoyulmuş meymun heykəlinin burnundan su tökülürdü, onun yekə başı qırxılmış, alnı qısa və dərin çizkili, üzü qırxılmış, bığları uzun, buğda sünbülü kimi sarı və seyrək, arıqlamış buxağı saqqa quşunun boğazı kimi tuluqlaşmış, qəlyan sümürməkdən gözlərini qan basmış və qarnı dalısına yapışmışdı. Leyla heyrətli gözləri ilə onu nəzərdən keçirdikdən sonra öz-özünə dedi: «Ax, aman allahım, mən nərədəyəm!» Əmiri-Əfxəm qəlyanının qəmişini ağzından çıxararaq: – Sizin təşrifiniz, öz evinizdədir,—dedi. Xudavəndi-aləmə çox şükür olsun, xanımı ölümdən qurtara bildik. İndi isə bütün var-dövlət və bu otaqlar xanımın ixtiyarındadır, bəndənin özü də xanımın ixtiyarındadır. Xanımın bəndəyə hər nə ki fərmayişi olmuş olsa, cabəca olunacaqdır. Göydə allah, yerdə də Mirzə Loğman xanıma şəfa verdi. Leylanın vücudu birdən-birə titrədi, o qorxusundan yorğanı başına çəkərək bir daha Əmiri-Əfxəmin üzünə baxmadı. Nahar vaxtı idi. Leyla xanımın xidmətinə təyin edilmiş Pəricahan xanım Leyla xanımın naharını bir məcməyidə gətirdi. Bu gün birinci kərə Əmiri-Əfxəmin özü də Leyla xanımın otağında nahar etmək istəyirdi. Lakin Leyla xanım başını yorğanın altından çıxarmadı. Əmiri-Əfxəm bir neçə dəqiqə oturub nahar məcməyisinə baxdı və sonra da Leyla xanımın yatdığı yerə baxaraq ayağa qalxdı: – Pəricahan, özün bilirsən ki, nə etmək lazımdır!—deyə yanlarını basa-basa eşiyə çıxdı. Pəricahan xanım Leylanın yorğanını başından qaldırıb: – Naharın soyudu,—dedi,—dərdin mənim canıma düşsün, dur! Dur naharını ye! Dur, bir də sən ağanın qəlbini sıxma. O səni evdəki xanımlarının hamısından artıq sevir, bütün Həmədan şəhəri sənin ixtiyarındadır. Allah öz nemətlərini sənə qismət eləyibdir. Ağa səni öz gözü kimi sevir. Gözünə qurban olum, dur, dur naharın soyudu. Leyla başını yorğanının altından çıxarıb soruşdu: – Mən haradayam? O kimdir? Sən nəçisən? – Gözünə qurban olum, allı-güllü qız. Sən indi bütün Həmədan şəhərinin sahibi Əmiri-Əfxəm kimi bir kişinin xanımısan. Bu evlər sənin öz evindir. Mən də ki, sənin qulluqçunam. Sənin ağrın mənim ürəyimə düşsün. Leyla başqa bir söz demədi, ancaq bir kərə: – Dur get!—dedi.—Bir də bu cür sözləri danışma! Mənim yanıma da gəlmə. Pəricahan xanım durub getdi. Leyla gözlərini qapayıb Kirmanşahdan çıxdığı və yolda quldurların əlinə düşdüyünü bir-bir xatırlayaraq düşünürsə də, buradan nə cür qurtaracağını bilmirdi. Əmiri-Əfxəmin hərəmləri bir-biri ilə çoxdan bəri danışmırdı. Leyla xanımın hərəmxanaya gətirilməsi hərəmxana xalqının barışması və uyuşmasına səbəb oldu. Onlar çoxdan bəri ümumi salona daxil olmamışdı, çünki on iki nəfərdən ibarət olan hərəmin heç biri o birisini görmək istəmirdi, lakin Leyla xanım hərəmxanaya gətirildikdən sonra, onlar bu barədə bir-birlərilə danışaraq bu barədə tədbir aramağa və həqiqəti öyrənməyə çalışır və barışırdılar. Bu gündən nahar yeməyindən sonra Əmiri-Əfxəmin baş hərəmi Qəndnabat xanım ümumi salona keçərək, öz həmişəki yerində, yuxarı başdakı məxmər döşəyin üstündə oturub qolunu yastığa söykədi və xidmətçisi Fatməbəyim xalanı çağırıb sifariş verdi: – Bu saatda gedib mənim çalıb oxuyanlarımı çağırarsan, qəlbim çox tutulubdur. Yasa ki, batmamışam. Mən çəkilib öz otağımda oturanda, bəzi ağzıköyçəklər deyir ki, Qəndnabat xanım qocalıbdır. Sən olasan imam Hüseynin qəbri, Fatməbəyim xala, doğrusunu söylə, mənim nəyim qocadır? Fatməbəyim xala Qəndnabat xanımın cavabını verməmişdən qabaq yüyürüb qapıya və pəncərəyə baxaraq qayıtdı, başını Qəndnabat xanıma tərəf uzadaraq dedi: – Dünyada gözəl bir can vardır ki, o da Əmiri-Əfxəmin evindədir. Ay başına dönüm, bu nə sözdür dilinə gətirirsən? Sənin nəyin qocadır? Hələ sənin bu evə gəlin gəldiyin 30 il deyil. Qəndnabat xanım bu sözdən ürəkləndi, durub aynanın qabağına keçdi, öz-özünə danışmağa başladı: – Hər nə deyirlər desinlər,—dedi,—mənim özümün də gözüm vardır. Cavan ilə qocaya təfavüt qoya bilərəm. Allaha şükür gözlərimə baxanda özümün də qanım qaynayır. Mən bu gözlərin mislini xanımların heç birisində görmürəm, elə mənim ağzımı və dodaqlarımı götürsəm yenə də baxanda adamın qarnı doyur, mənim kimi gözəlləri şəkildə çəkəndə, baxanlar deyir ki, bu gözəllikdə ancaq şəkil ola bilər. Əmiri-Əfxəmin özü də deyir ki, Qəndnabat xanım bir dənə idi, onu da xudavəndi-aləm mənə qismət elədi. Mən əbəs yerə özümə xor baxıram, bir halda ki, bir gün əvvəl Əmiri-Əfxəmin özü dedi ki, «sən mənim evimin ziynətisən». Bəs mənim boy-buxunuma nə deyirsən? Hərəmlərin hansı birisində bu cür boy-buxun vardır? Barmaqlarımın hər birisi bir qanfetdir. Qəndnabat xanım bu sözlərdən sonra saçlarını aralayıb gözdən keçirməyə başladı, saçlar sünbül kimi ara-sıra yetişməyə, bozarmağa başlamışdı. Doğrudan da bir çoxlarını düşündürən və həftələrcə yuxusuzluğuna səbəb olan gözlər də öz oynaqlığını itirmiş və şadlıqlara səbəb olan göz bəbəklərindən də ümidsizlik və həsrətlər yağmaqda idi. Damqan püstəsinin dəymişini andıran dodaqlar da Qəndnabat xanımın xatırladığı gənclik dodaqları deyildi, onlar artıq ağ mərmərdən düzəlmiş bir heykəlin dodaqları kimi xəndəsiz və cansız bir surətdə baxırdı. Qəndnabat xanımın ərə getdiyindən 30 il keçdiyinə və yaşının 44 ilə çatdığına baxmayaraq çox qoca görünürdü, çünki ər evində olduğu gündən bəri onun qəlbinə hər il bir böyük yara dəymişdi, Əmiri-Əfxəm hər il onun üstünə gənc bir qız və gözəl bir qadın almışdı. Qəndnabat xanım güzgü qarşısında bir çox sözlər dedikdən və öz tənasübi-əndamı haqqında tərif yağdırdıqdan sonra yenə də əvvəlki fikrinə qayıtdı. O artıq güzgü qarşısında hazırkı zamanını deyil, gənclik günlərini gördüyünü xatırlayaraq: – Ah! O zamanlar olsaydı!—dedi və qayıdıb döşəyin üstündə oturdu, o Əmiri-Əfxəmin başqa qadınları kimi hərəm həyatının ağırlığını çəkə bilmir və Əmiri-Əfxəmin tələbatına cavab verə bilmirdi; onun ruhunu oxşamağı və öz tərəfinə cəlb etməyi bacarmırdı. Əvvəllər hər on iki gündə bir kərə Qəndnabat xanımın otağına gələn Əmiri-Əfxəm, indi ayda və ya yarımda bir kərə də gəlmirdi, çünki Qəndnabat xanım Əmiri-Əfxəmə başqa qadınlar verdiyi nəşəni verə bilmirdi. Qəndnabat xanım nə kəklik kimi qəhqəhələr yağdırmağa, nə köbəkdən yuxarı duran ipək köynəyi geyib onun qarşısında oynamağa, nə də onun dodaqları altında bir aktrisa kimi inildəyib nazlanmağa və ilan dəymişlər kimi qıvrılmağa, nə də ələnərək Əmiri-Əfxəmi yalvartmağa həvəsi yox idi. Qəndnabat xanımın çalıb-oxuyanları içəri girdi. Qəndnabat xanım isə sanki düşüncələr dənizindən suyu süzülə-süzülə çıxıb məxmər döşəyin üstündə oturmuşdu. – Gəlin görüm!—dedi.—Bu gün mənim doğulan günümdür. Hər nə təzə şey bilirsinizsə ortalığa qoyun. Xoşavaz xanım kamançanın, Sərbülənd xanım tarın tellərini köklədi, Şərarə xanım isə dəfi əlinə götürüb qurutmaq üçün bir neçə kərə dolandırdı. Çalıb oxumaq başlandı. Şərarə xanımın oxuduqları Gəndnabat xanımın əylənməsinə deyil, ağlaması və kədərlənməsinə səbəb oldu: «Biya ki, qəsre-əməl səxt süst bünyadəst. Biyar badə ki, əyyami-ömr bərbadəst. Nişanu əhdü vəfa nist dər təbəssümü gül, Bunal, bülbüli-miskin ki çayu fəryadəst». Bədbinliklər içərisində boğulan şərq ədəbiyyatı öz nüfuzunu hərəmxanalarda yaşayan bədbəxt qadınlara, hərəmxanaların hava girə bilməyən dəmir barmaqlıqlı salonlarına qədər yetirə bilmişdi. Şərarə xanım oxuduqca ipəklər, altunlar və qiymətli daşlarla bəzənmiş canlı heykəllər düşünür, gələcəyində bir saadət olmadığını təyin edərək zahirdə yox, batində hönkür-hönkür ağlayırdı. Hər kəs içində ağlayır, zahirdə isə özünü rəqiblər qarşısında şad göstərmək məqsədi ilə də gülür və müstəar təbəssümlər yağdırırdı. Qamançanın səsi simlərdən deyil, ipəklər içərisində həbsə alınan gəncliyin yaralı qəlbindən çıxırdı. Əmiri-Əfxəm Leylanın otağında idi. Mirzə Loğman Leylanın müalicəsi ilə məşğul idi, hərəmlər otağından gələn musiqi səsi Əmiri-Əfxəmi maraqlandırdı, çünki o, iki ildən bəri öz hərəmlərinin bir yerə toplandığı və birlikdə əyləndiyini görməmişdi. O, Leylanın dərmanlarını verdikdən sonra qalxıb hərəmlər otağına gəldi, hərəmlər onu görən kimi ayağa qalxaraq vəziyyət və təvrlərini dəyişdilər. Hamısı başını çiyninə əyib durmuşdu. Əmiri-Əfxəm isə əlini belinə söykəyib cücə gözlərinə bənzəyən gözləri ilə onları sayır və nəzərdən keçirirdi, o bir kərə: – Oturun!—dedi.—Mən daima öz ailəmin şad olmasını arzu edirdim. Nədənsə siz, bir-iki ildən bəri bu şadlığı buraxmışdınız. Amma dərhəqiqət sizin hamınız bilməlisiniz ki, şadlıq həmədan məmləkətində ancaq sizin üçün yaradılmışdır. Xudavəndi-aləm öz naz-nemətini sizin haqqınızda firavan buyurmuşdur. Mən sizin üçün dünyada behişti-əlanı yaratmışam, oturun, xanımlar, oturun! Xanımların hər birisi öz döşəyinin üstündə oturdu. Əmiri-Əfxəm əlini bir-birinə çalan kimi, onun eşikdə duran gənc oğlan xidmətçiləri içəri girdi, Əmiri-Əfxəm onlardan birisini səsləyərək: – Məcid ağa, hazırlayın,—dedikdə, onlar çıxdı və bir azdan sonra bir yumru stol gətirib Əmiri-Əfxəmin qarşısında yerə qoydular. Başqa bir xidmətçi isə böyük bir məcməyidə gətirdiyi şeyləri üstünə atlas örtük çəkilmiş stolun üzərinə düzməyə başladı. Əmiri-Əfxəm bir neçə piyalə Yunanıstan konyakı içərək stol üzərinə düzülmüş şirin çərəklərdən yedi, sonra da çay gətirdilər, kiçik və mina qrafindəki lumu suyundan bir neçə qətrə stəkana töküb içdi və qəlyan istədi. Qəlyana bir-iki nəfəs vuraraq özünü hazırladı və hərəmlərə müraciətlə: – Bu günkü təşəbbüs hansı xanımın təşəbbüsüdür?—deyə soruşduqda hərəmlərin hamısı birdən başını çiynindən qaldıraraq: – Gəndnabat xanımın təşəbbüsüdür!—dedilər. Əmiri-Əfxəm məsələni dərhal anladı. Çünki Gəndnabat xanım öz adəti üzrə hərəmxanaya yeni bir hərəm daxil olduğu zaman öz kədərini dağıtmaq və qüssələrini pərdələmək üçün işrət məclisi düzəldərdi. Əmiri-Əfxəm bir piyalə də konyak içdi və: – Afərin olsun Gəndnabat xanıma!—dedi. Heç kəs danışmırdı. Bu adət hərəmlərə məxsus qanuni bir sükutdan ibarət idi. Hərəmlərin hamısı bir yerdə olduğu zaman, onların heç birisi danışmağa haqlı deyildi. Hərəm ancaq öz otağında yalnız olduğu və öz ərini növbət daxilində olaraq qəbul etdiyi zaman danışa bilərdi. Əmiri-Əfxəm hərəmlərin sükutunu pozmaq üçün yenə də danışdı: – Mən sizin bu günkü şadlığınızı təbrik edirəm və bunun üçün də hər birinizə min tümən bağışlayıram,—dedi. Adət üzrə yenə də bütün hərəmlərin tərəfindən baş hərəm cavab verməli idi, bunun üçün də Gəndnabat xanım cavab verdi: – Allah ağanın ömrünü artırsın!—dedi.—Allah ağanın kölgəsini bizim başımızın üstündən əskik etməsin. Bu sözlərdən sonra Əmiri-Əfxəm Şərarə xanıma müraciətlə: – Sizə də yüz tümən bağışlayıram!—dedi.—İndi bir az çalın, xanımlar oynasın. Gəndnabat xanımdan başqa hamı oynadı, çünki hərəmxana qanununa görə baş hərəm oturub oynayanlara tamaşa etməli idi. Oynadılar, çaldılar, Əmiri-Əfxəm də içib sərxoş oldu. O, ayağa durub getmək istədikdə, neçə gündən bəri demək istədiyi sözünü deyib getdi: – Sizə təzə bir qonaq da gəlmişdir. Yaşda hamınızdan kiçikdir. Ona hörmət etmək lazımdır. Əmiri-Əfxəm durub getdikdən sonra Gəndnabat xanım Şərarə xanıma müraciət edərək: – Gedə bilərsiniz. Kifayətdir!—dedi. Çalanlar və oxuyanlar durub getdi. Hərəmlərin hamısı öz yerində oturub düşünürdü, çünki onlar bu günə qədər Leyla xanımın Əmiri-Əfxəm üçün deyil, onun oğlu Səduddövlə üçün gətirildiyini düşünürdü. Gəndnabat xanım: – Siz məni anlayırsınız ki!—dedi və buna cavabla da hərəmlərin hamısı birdən: – Anlayırıq!—dedilər.—Sənin özün də bizim kimi, biz də sənin kimi, əlimizdən nə gələr? Gəndnabat xanım dedi: – Mən qızın Əmiri-Əfxəm üçün gətirildiyini bilirdim, amma qızın dirilməsinə heç də inanmırdım, çünki onun əl-ayağını soyuq aparmışdı, bunu Mirzə Loğman mənə xəlvətcə dedi. Buna görə də mən sizə demək istəmirdim. Lakin bir-iki gün bundan qabaq Mirzə Loğman dedi ki, qız yaxşı olur, özü də çox gözəldir. Əmiri-Əfxəm də onu ürəkdən sevir. Bundan sonra da mən sizi bir yerə yığmağı məsləhət gördüm. Əmiri-Əfxəmin ikinci hərəmi Külpirəhən xanım ipək köynəyinin qolu ilə gözünün yaşını silərək: – Bizim əlimizdən nə gələr?—dedi.—Biz Əmiri-Əfxəmə nə edə bilərik? Birini deyil, yüzünü gətirsə nə etmək olar?! Əmiri-Əfxəmin üçüncü hərəmi, səhnəli Süleyman ağanın qızı Nəcmüsəhər xanım sözə müdaxilə edərək: – Necə yəni Əmiri-Əfxəm nə bilərsə, edə bilər?—dedi.—Əvvələn odur ki, mən təzə gətirilən qızın barəsində çox yaxşı bilirəm. O mənim və sizin dırnağınız bərabərində də ola bilməz. İkincisi də budur ki, hərkah Əmiri-Əfxəm o qızla evlənsə və onu bizim içərimizə gətirsə mən özümü zəhərləyəcəyəm. Nəcmüsəhər xanımın bu sözündə Əmiri-Əfxəmin dördüncü hərəmi tehranlı qızı Simubər xanım gülərək: – Bəs nə üçün özünü zəhərləyirsən?—dedi.—Əcəba, təzə gələn xanımı zəhərləmək olmazmı? Bu sözdən beşinci hərəm Püstədəhən xanım danışaraq: – Mən də Simubər xanımın sözünə şərikəm. Bir zatı-südü naməlum qızdan ötrü özümü nə üçün zəhərləyəcəyəm? Biz hərkah o qızı zəhərləsək, Əmiri-Əfxəm bir qızdan ötrü 12 adamı asacağdırmı? Bu sözə Tacsər, Zibarux, Ruhrəvan, Sərəfraz, Səmənbu, Dürsədəf və Gəncələb xanımlar da qoşuldu. Gəndnabat xanım məsələnin müvəffəqiyyətinə inanaraq dedi: – İndi belədir, bu işi mənə tapşırın. Mirzə Loğmanı razı salmaq üçün də hər biriniz yüz tümən verməlisiniz. Mirzə Loğman o qızı bizim başımızdan rədd edə bilər. Çar ordusu boşaldan yerləri ingilislər işğal etmişdi, lakin işğal ordusunu taxıl və başqa şeylərlə təchiz etmək olduqca çətin bir şəkil almışdı. Çünki bir neçə kərə talanmış ölkədə yerli xalqın yeməyi üçün belə kifayət qədər taxıl yox idi. Taxıl ancaq mülkədarların və ehtikarçıların əlində idi, bunu ələ gətirmək üçün də ingilislər Həmədanda çürbəçər hiylələr yaratmağa başlamışdı ki, o hiylələrdən birisi də Kirmanşah və Həmədanda «acara yardım» komitəsi təşkil etmək hiyləsindən ibarət idi. Onlar bu vasitə ilə taxılları öz əllərinə keçirməyə çalışırdı. Lakin bu məsələ baş tutmurdu, əvvələn mülkədarlar və ehtikarçılar taxılı əldən buraxmaq istəmir, ikinci də İran hökuməti bu hiyləyə qəti surətdə maneə törədir və ingilislər üçün taxıl toplayan dəllalları çaşalandırırdı. Buna baxmayaraq ingilislər də öz növbəsində, yerli mülkədarları ələ almaqdan çəkinmirdi və Əmiri-Əfxəm kimi yüz minlərcə pud taxıla malik olan bir mülkədarı ələ gətirməyə çalışırdı. İngilis missiyasının sədri Denster-Vil hər iki gündə bir bəhanə edərək Əmiri-Əfxəmin ziyarətinə gedir və ona öz dövlətinin dostluğunu və hər ehtimala qarşı onu himayə etməyə hazır olduğunu bildirirdi. Bu gün yenə də Denster-Vil və onun yaveri Sonders Əmiri-Əfxəmin görüşünə gəlmişdi. Əmiri-Əfxəmin əlində olan taxılların heç olmazsa bir qismini ələ gətirmək üçün Denster-Vil çürbəçür söhbətlər ortalığa atırdı. Kah Bağdaddan Əmiri-Əfxəmə razılıq teleqramı gəldiyini, kah Əmiri-Əfxəmin ingilislərə göstərdiyi məhmannavazlıq haqqında kral həzrətlərinə yazdığını, Əmiri-Əfxəmin əmlakını hər ehtimala qarşı himayə altına alacağını söyləyirdi. Lakin bunların heç birisi Əmiri-Əfxəm tələb etdiyi qiymətin üzərindən bir şahı da olsa əskildə bilmədi. Bazarlıq davam edirdi. Bu halda gəlib Əmiri-Əfxəmi çağırdılar. Əmiri-Əfxəm bir dəqiqədə gedib qayıtdı və Denster-Vilə müraciətlə: – Xəstəmiz olduqca pərişandır,—dedi,—rica edirəm, bəlkə də sizin həkiminiz kömək göstərə bildi... Yarım saatdan sonra ingilis doktoru və kapitan Burnısqıl maşınla Əmiri-Əfxəmin evinə gəldi. O, Leyla xanımı görən kimi tanıdı, çünki Kirmanşahda mister Konionun evindəki ziyafətdə iştirak etdiklərindən sonra yenə bir neçə kərə görüşmüşdülər. Leyla qara saçlarına dolaşaraq ilan vuranlar kimi qıvrılırdı. Doktor lazımi yardımı verdi və Leyla xanımı ölümdən qurtardı, ingilis həkimi Burnısqıl Leylanın bu vəziyyətindən heç də maraqlanmadı və onun bu fəlakətə düşməsi səbəblərini də soruşmadı. Leyla xanım onun soyuqqanlılığını və yığışıb getmək istədiyini görüncə öz başına gətirilən fəlakəti ona söhbət elədi və nicat verməsini rica etdi. Leyla xanım bu ricaları etdiyi vaxt ingilis həkimi də etinasız bir surətdə şeylərini əl çamadanına yığmaqda idi. Nəhayət o tamamilə vidalaşıb getmək istərkən: – Bağışlarsınız!—dedi.—Sizin bu vəziyyətiniz hər bir kəsi düşündürəcək qədər ağır bir vəziyyətdir. Lakin iki mühüm səbəbə görə mən sizə nicat verə bilməyəcəyəm: əvvələn, siz ingilis deyilsiniz, ikincisi biz başqa və müstəqil bir hökumətin məmləkətindəyik. Biz heç vaxt müstəqil olan bir hökumətin daxili işinə qarışa bilmərik. Sizin məsələniz isə İranın daxili işləri cərgəsinə daxildir. Doktor Leyla xanıma bu sözləri dediyi zaman Əmiri-Əfxəm də içəri daxil oldu, həkim ona müraciətlə: – Bir daha ehtiyatlı olun! Sizin ev həkiminiz xanımınıza zəhər vermişdir!—deyərək vidalaşdı. Əmiri-Əfxəm ingilis həkimi ilə bərabər eşiyə çıxaraq onu yola saldı və həyətə qayıtdı, onun əmri ilə həyətdə bir kürsü qoyuldu. On dəqiqədən sonra Mirzə Loğman həkimi tapıb gətirdilər. Mirzə Loğman həyətdə qoyulan kürsüyə və yerdə qoyulan bir dəstə çubuğa, bir də Əmiri-Əfxəmin əmrinə hazır olan çubuq vuranlara baxdıqda məsələni anladı. Əmiri-Əfxəm: – Nəməkbəhəram, bu nə xəyanətdir?!—dedikdə, həkim məsələnin üzə çıxdığını anladı və qorxusundan səsini çıxarmadı. Bütün nökərlər həyətdə idi, hərəmlərin hamısı ipək pərdələrin dalısından gözlərini həyətə dikmişdi, hamının gözü Mirzə Loğmanın ağzında idi, vurulacaq çubuqların sayı hər kəsi maraqlandırırdı. Əmiri-Əfxəm bir kərə: – Beş yüz çubuq!—dedikdə həkimdən bir qışqırtı çıxdı: – Amandır! Mənim əhl-əyalıma rəhmin gəlsin,—dedi. Bu söz həkimin dodaqlarından çıxıb qurtarmamış onu nökərlər cücə kimi götürüb həyətin daşları üstünə saldılar. Həkim üzü üstündə uzanmışdı, bir nəfər onun köynəyini başına qədər çırmayıb başının üstündə oturdu. İkinci nökər isə tumanını ayaqlarına qədər dartıb ayaqlarının üstünə çökdü. Dörd nəfər isə sağda və solda durub növbətlə çubuq vururdu. Çubuqların miqdarını sayan «əlli!» sözünü dediyi za man həkimin qabırğaları parlamışdı, çubuqları qaldırdıqda qan həyətin daşları üzərinə səpilirdi. Həkim bir də səsləndi: – Əl saxlayın, ağaya təklikdə deyəcəyəm. Bu vaxt Əmiri-Əfxəmin baş hərəmi Gəndnabat xanım baxan pəncərənin pərdəsi sürətli bir surətdə salındı. Həkimin dağılmış bədəninin üstünə palaz parçası atıldığı zaman Gəndnabat xanım da Əmiri-Əfxəmin əmri ilə hərəmxanaya məxsus həbsxana otağına aparılırdı. * * * XL. Doktor Yusifidis Leyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi: – Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz? – Nə üçün deyə bilmirəm? – Sizin onlarla əlaqəniz vardırmı? – Mənim onlarla nə kimi bir əlaqəm ola bilər. Mən bir doktoram, onlar isə hərbi adam! – Doğrudur. Lakin mənim sizdən bir ricam var. – Nə kimi ricanız vardır?! – Bilmirəm, bu yaxşılığı edə biləcəksinizmi? – Hərkah əlimdən gələn bir iş olsa əsirkəmərəm. – Mənim Biçeraxovun hərbi dəstəsində bir əmim vardır. – Adı nədir? – Cənab Nurəddin bəydir. – Doğrusu, o dəstəyə yaxın deyiləm. – Bəlkə də o sağ deyil, çünki ona böyük bir fəlakət üz vermişdir. Hərkah o sağ deyilsə, mənim sifarişimi Biçeraxov cənablarının özünə də yetirmək mümkündür. Siz mənə bir yaxşılıq edin. Mənim bu ağır vəziyyətimi Biçeraxova anladın! – Nə kimi ağır vəziyyətinizi? Şükür ki, səhhətiniz özünüzə qayıdır. Cənab Əmiri-Əfxəm isə şəhərin birinci varlısı və nüfuzlusudur. Heç şübhə yoxdur ki, o sizi rahat yaşatmaq üçün əlindən gələni əsirkəməz. – Siz yaxşı düşünün! Məhv oluram, məni bu həbsxana əzəcəkdir. Məni məhv etmək üçün də bura gətirmişlər, məni məhv etmək üçün «Murad bəy dərəsi»nə köçürürlər. – Əcəba, siz Əmiri-Əfxəmin hərəmi deyilsinizmi? – Xeyr, məni bu evə yol kəsənlər gətirmişlər. – Necə yol kəsənlər? Nə söyləyirsiniz? – Bəli, yol kəsənlər! Doktor Yusifidis bir az düşünərək: – Söyləyin görüm!—dedi. Leyla uzandığı yerdə əlini qaldırıb başının altına qoydu və başına gələnləri söylədi. Doktor Leyla xanımı çox diqqətlə dinlədi və dedi: – Bəli! Sizin fəlakətiniz böyükdür. Sizə bu barədə yardım göstərməmək olmaz. Lakin bu da olduqca qorxuludur, ingilislər bir az şübhələndiyi adamı tutub birbaş Hindistana və Malta adasına göndərirlər. Elə gün yoxdur ki, bir yük maşını iranlı göndərilməsin, çünki bununla da ingilislər öz arxalarını təmin etməyə çalışırlar. Siz bilirsiniz ki, Əmiri-Əfxəm nə qədər nüfuzlu bir zatdır. O, ingilislərin ən yaxın adamıdır. İngilislər Əmiri-Əfxəmin sözü ilə bir nəfəri deyil, bir şəhəri və bir neçə kəndi də xaraba qoymağa hazırdırlar. Lakin yunanlı olduğuma baxmayaraq, türklər arasında yaşadığımdan məndə xalis bir türk ruhu var. Mən heç vaxt bir türk qızının məhv olmasına imkan vermərəm. Bunun müqabilində isə siz də öhdənizə bir vəzifə götürməlisiniz. Leyla soruşdu: – Nə kimi vəzifə? Əlimdən gələn bir vəzifə olsa, ifa etməyə hazıram. – Siz mənim arxadaşlığımdan heç bir zaman çəkinməyəcəksiniz və lazımi vaxtında mənə yardım göstərəcəksiniz. Leyla gözlərini doktorun sirlərlə dolu gözlərinə dikmişdi. O, titrək əlini uzadaraq doktorun əlini sıxdı və dedi: – Razıyam! Səmimi söz verirəm! Əmiri-Əfxəmin qapısında iki fayton durmuşdu, xidmətçilər faytonların içinə zərif xalçalar salırdı. İşsiz camaat isə vaxtını keçirmək üçün uzaqdan durub bu vəziyyətə tamaşa etməkdə idi. Lakin burada fövqəladə heç bir şey yox idi. Faytonlar, Əmiri-Əfxəmin özünə hərəm etmək üçün ələ gətirdiyi Leylanın «Murad bəy dərəsi» adlı yaylağa köçürmək üçün gəlmişdi. Faytonlar hazırlandığdan, çamadanlar və sair şeylər yerbəyer olduqdan sonra qara atlaz çarşaba bürünmüş bir qız çıxdı, iki nəfər xidmətçi qadın onun qolundan tutmuşdu. Faytona qadın oturanda dönüb ətrafı gözdən keçirir, kimi isə axtarırdı. Camaat qaçışmağa başladı, bu halda bir dəstə kazak Əmiri-Əfxəmin evini mühasirə etdi. Bir azdan sonra bir avtomobil qapıya yanaşdı. Bu zaman, Əmiri-Əfxəm də öz nökərləri ilə faytonun ətrafında durmuşdu. Leyla maşında Nurəddin Savlayevin gəldiyini görərkən: – Əmi can, sağmısan? Məni qurtar!—deyə başından çarşabını atdı, Nurəddin onu alıb maşına qoydu. Əmiri-Əfxəm həbs edilərək faytonda Biçeraxov ərkani-hərbinə götürüldü. Lakin onun evi hələ kazakların mühasirəsi altında idi. Nə içəriyə, nə də eşiyə kimsə buraxılmırdı! Bu xəbər bir anda Həmədana yayıldı. Əmiri-Əfxəmin evindən Biçeraxov ərkani-hərbi yerləşən binaya qədər bütün küçələr, camaatla dolmuşdu. Hadisəni hər kəs öz bildiyi kimi təbir edirdi. Məsələni öz xeyrinə uyğun bir şəkildə mənalandıranlar da vardı. – Çar kazakları axırda müsəlmanların evindən əvrətini çəkib aparır. Camaat, nəyə durub baxırsınız? Bəs sizin müsəlmanlıq namusunuz haradadır? Bu sözləri deyən Əmiri-Əfxəmin tərəfdarları idi. Başqa birisi buna cavab olaraq dedi: – Qoy çəkib aparsınlar, hələ içəridə on iki imamın adına on iki arvadı vardır. Onu allahın bəlası tutubdur. Xalq acından qarışqa kimi qırılır, amma bu haramzada əlli anbar buğdanın qapısını bərk-bərk bağlayıb deyir «dünya qırılıb qurtarmasa qapıları açmayacağam». Başqa birisi deyirdi: – Din əldən gedir, şəriətimiz xaricilərin ayağının altında paymal olur. Sənin kimi adamlar da öz qarınlarının hayına qalıblar. Bu saatda Nəcəf müctəhidlərinə teleqraf vurmaq lazımdır.—Başqa birisi də: – Çarçını bazara göndərmək lazımdır. Qoy camaat məscidə yığılsın. Bir nəfər də bu adamı dümsükləyib: – Bəs bizim öz hökumətimiz harada qalıbdır?—deyə soruşdu. – Çənəni boş qoyub yava-yava danışma. – Necə yəni yava-yava danışma? Balam, biz hansı ölkədəyik, hərkah bura İran torpağıdır, bəs hanı İran hökuməti?! – Savadın varmı? – Necə ki yoxdur? Əlbəttə vardır. – Farsca bilirsən ki? – Bəli, bilirəm! – Ay əblah, nə üçün uzun danışırsan. Bizim hökumət dünya müharibəsi başlandığı zaman, bir kərə demiş ki: «Ağa, ma bitərəfim!» İndi anladın ki?! Xalqın bu cür söhbətləri əsnasında Həmədanda olan İngiltərə missiyasının sədri Denster-Vil və yaveri miralay Sonders maşını ilə gəlib Biçeraxovun ərkani-hərbinə getdi, bunların ötməsi yenə də söhbətlərin mövzusunu dəyişmişdi. Birisi dedi: – İnsan rəiyyət də olsa ingilis rəiyyəti olmalıdır! Biçeraxov ərkani-hərbinin qapısında, camaat bir-birinin boynuna minirdi, içəridə nə kimi alışveriş getdiyindən heç kəsin xəbəri yox idi. Bir müddət sonra general və yaveri, Biçeraxov ərkani-hərbin dən çıxıb Əmiri-Əfxəmi ingilis maşınında öz evinə yola saldılar. İngilis dostları bu vəziyyəti görərkən, ağızlarını camaata açaraq: – Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd!—deyə ucadan qışqırdılar. Bu səs bütün Həmədan şəhərini titrətdi, sanki şəhərdə bir möcüzə baş vermişdi. Hər tərəfdən: «Zindəbad, padşah ingilisan» səsləri eşidilirdi. Generalın maşını çox yavaş gedirdi, çünki maşının ətrafında minlərcə ingilis tərəfdarları (anqlofillər) və ingilis casusları yürüyürdü. General bu səslərə cavab verməyə bilməzdi, o maşını saxlatdırıb ayağa qalxdı və ucadan: «Salamun ələyküm əhaliyi-Həmədan. Dövləti ingilisan həmiyi-həqiqiyi-müsəlmananəd!». Bu sözlər Həmədanın bikar və şüursuz xalqına müsbət təsir bağışladı. Camaat maşının çarxları altına soxulacaq qədər yaxında gedirdi. Generalın avtomobili Əmiri-Əfxəmi öz evinə qədər müşayiət etdi və eyni zamanda Biçeraxov da evin mühasirəsinə təyin edilmiş kazakları geri çağırdı. Əmiri-Əfxəm Biçeraxov ərkani-hərbində saat yarımdan artıq qalmadı, ingilislər bu az müddət içərisində Əmiri-Əfxəmlə bir ay müddətində həll etmədikləri bütün məsələləri həll etdilər. Əvvəl Biçeraxov Əmiri-Əfxəmə öz tələblərini təqdim etdi: Əmiri-Əfxəm martın 7-də qarət olunan avtomobilin zərəri hesabına 25 min tümən verməlidir. Avtomobildən aparılan hökumət şeylərinin hesabına 100 min tümən verməlidir. İki kazakın öldürülməsi üçün onların ailəsinə 50 min tümən verməlidir. Şofer Safonovun ailəsinə 25 min tümən verilməlidir. Leylanın oğurlanmasına və Əmiri-Əfxəmin onu almaq istədiyinə və ona zəhər verildiyinə cəza olaraq, Əmiri-Əfxəm 100 min tümən verməlidir. Savlayevin yaralanması və Əmiri-Əfxəmin bunda iştirakı və caniləri gizlətməsi üçün Əmiri-Əfxəm güllələnməli idi. İngilislərin təşəbbüsü sayəsində bu cəza 200 min tümən nəqd pul ilə əvəz edilir. Nurəddin Savlayevin yaralanması və onun xüsusi şeylərinin aparılması üçün 50 min tümən verməlidir. Göstərilən pullar üçün Əmiri-Əfxəm, ingilis bankında olan nəqd pullarına çek verdi. Hələ Əmiri-Əfxəm Biçeraxov ərkani-hərbində ikən pullar ingilis avtomobilləri ilə gətirilib Biçeraxova təhvil verildi. İngilislər isə bu sazişdə vasitəçi rolunu mükafatla öz öhdələrinə aldılar: Əmiri-Əfxəm ingilis himayəsinə qəbul edilir. Əmiri-Əfxəm ingilislərin Həmədanda təşkil etdiyi «aclara yardım» cəmiyyətinin fəxri sədri təyin edilir. Əmiri-Əfxəm Həmədanda üç, Kənkavərdə iki, Əsədabadda isə bir taxıl anbarını taxıllar ilə bərabər «aclara yardım» cəmiyyətinin ixtiyarına verir. Əmiri-Əfxəm öz ixtiyarında olan anbarlardan bazara taxıl çıxardığda, bazar qiymətindən 20 faiz güzəştlə ingilislərə satmalıdır. O, bütün əmanət pullarını ancaq ingilis bankında saxlamalıdır. Əmiri-Əfxəm ehtiyac hiss olunduğu vaxt ingilis qoşunlarını öz binalarında yerləşdirməli və buna qarşı binaların təmirinə lazım olan miqdar pulu, vəsiqələr təqdim etdikdən sonra almalıdır. İngilis hökuməti neçə İran, elə də başqa hökumətlər tərəfindən Əmiri-Əfxəmə qarşı hücum olunduğu zaman onu müdafiə etməlidir. Əmiri-Əfxəm özü istədiyi zaman İngiltərə təbəəliyini qəbul edə biləcəkdir. * * * XLI. Tez-tez görüşlər Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı: «Möhtərəm Leyla xanım! Mən çox təşəkkür edirəm ki, siz Əmiri-Əfxəmin həbsxanasından nicat tapdınız. İndi isə həmin həbsxanaya məni salmışlar. Dünən gecə saat 12-də gəlib məni evimdən apardılar. Əmiri-Əfxəmin əmrinə görə, məni anbara salıblar, nökərlərinin dediyinə görə məni sabah saat 12-də döydürəcəklər. Mən bu xəbəri sizə yetirmək üçün saatımı nökərlərin birinə vəd verib, məktub göndərdim, mümkünsə mənə kömək edin! Doktor Yusifidis». Leyla xanım bu məktubu oxudu, tükləri biz-biz oldu. Haman saat o ayağa qalxıb əmisini çağırdı və doktorun məktubunu göstərdi. Savlayev məktubu cibinə qoyaraq ərkani-hərbə getdi. Bir saat keçmədən Savlayev doktor Yusifidis ilə bərabər evə qayıtdı. Savlayevin Leylaya verdiyi məlumat üzrə Biçeraxov şəxsən özü işə müdaxilə edərək, Əmiri-Əfxəmə 2 maddədən ibarət tələbat verdi: Əmiri-Əfxəmin sazişə qarşı hərəkət edərək, Biçeraxov himayəsində olan doktoru həbs etdiyi üçün 25 min tümən cərimə olunması. Doktor Yusifidisə təhqir və həbs olunması üçün 5 min tümən nəqd pul verilməsi. Pullar yarım saat keçmədən gətirilib təhvil verildi. Biçeraxov doktor Yusifidisin Həmədanda qalıb çalışa bilməyəcəyini nəzərə alaraq, onu öz dəstəsinin xəstəxanasına qəbul etdi. Bu təyinatdan həm Leyla xanım, həm də doktorun özü razı qaldı. Bu günlərdən başlayaraq, doktor boş vaxtını Leyla xanımla keçirirdi. İstər doktor, istərsə Leyla xanım öz qəm və kədərlərini daima bir-birilə bölüşdürür, bir-birinin qeydinə qalırdılar. Bəzən doktor nahar və şam yeməyini də Savlayev və Leyla ilə birlikdə yeyirdi. Savlayev daima doktoru gördükdə: – Mən də, mənim qızım da sizə minnətdarıq.—deyərdi. Leylanın doktorla olan tanışlıq tarixi uzandıqca onların söhbətlərinin də məzmunu dəyişirdi. Onların əvvəlcə arqadaşlıq zəminəsində başlanan əlaqələri getdikcə sevgi münasibəti şəklini alırdı. Nəhayət, bu söhbətlər bir mərkəzdə, yəni sevgi mərkəzində dayanaraq yekrəng və yeknəsəq bir şəkil aldı. Leyla bu kimi söhbətləri əsas tutaraq doktora sual verdi: – Mənim söhbətlərim sizi yormadımı? Doktor dedi: – Mən gəncliyə aid bütün mənəvi ləzzətləri ancaq sizin söhbətlərinizdən alıram. – Nə edəcəksən?.. Siz bir rum, mənsə bir islam qızı, buna görə də söhbətlərimizin istiqbalı yox kimidir. Doktor bu sözdə Leylanın əllərini sığallayaraq dedi: – Mən zənn edirəm ki, danışdığınız sözlərə, qəlbiniz heç də razı deyildir. Çünki sevginin tanımadığı bir şey varsa, o da din fərqindən ibarətdir. Xüsusən sizin özünüz də sadə və avam qızlardan deyilsiniz. Söhbətlərimizin nəticəsizliyi və ya nəticəsi bizim özümüzdən asılıdır. İcazə versəydiniz, mən söhbətlərimizin səadətli bir istiqbal ilə nəticələnəcəyinə çalışardım. – Belə bir icazəni vermək üçün uzun müddət düşünmək lazımdır. Lakin bunu da deməliyəm ki, bizim bu yaxınlığımızın sevindirici bir gələcəyi yoxdur. Rum qızları türk ailələrində yaşayırsa da türk qızlarının rum ailələrində yaşaması indiyə qədər görünməmişdir. Kim bilir, bəlkə buna türklərlə rumlar arasında olan siyasi mübarizələr də təsir etmişdir. Hər halda bu məsələnin həlli uzun bir müddət tələb edir. – Mən sizin dönüb rum olmanızı təklifə cəsarət etmirəm. Lakin mənim bir türk gənci olmağım çox da çətin deyildir. Leyla bu sözlərdən, doktorun yanından qalxaraq: – Qüsur mənim özümdədir,—dedi,—çünki mən sizinlə sevgi söhbətini çox açıq və vaxtından əvvəl başladım. Leyla xanım doktorun ona bənd olduğunu və eyni zamanda sözlü bir adama bənzədiyini hiss edirdi. Doktor onun görüşünə çox tez-tez gəlirdi, bəzən ən sadə, ən adi və lazımsız işdən ötrü Leyla ilə görüşməyə çalışırdı. Leyla isə hər zaman doktoru görəndə deyirdi: – Sizin rumluğunuz mənə mane olmasaydı, mən sizə öz mühüm bir sirrimi verərdim. Nəhayət, bir neçə gün keçdi. Həmədanda tif xəstəliyi yayıldığından, doktor Yusifidis Leylaya iynə vurmağa gəldi. Leyla qolunu köynəyindən çıxardıqdan sonra doktorun içəri girməsinə icazə verdi. Doktor onun qoluna iynə vurarkən, bütün vücudu titrəyirdi. Leyla ona sual verdi: – Siz qorxurmusunuz? – Xeyr! – Bəs nə üçün titrəyirsiniz? – Bilmirəm. – Bilməmiş deyilsiniz, səbəbini deyin. – Mən deməyəcəyəm, qoy mənim qəlbimi bu hərəkətlərim və daxili inləyişlərim sizə oxusun. – Siz sevmiş bir adama bənzəyirsiniz. – Əcəba, bu günahmıdır? – Xeyr, günah deyil. Lakin mən bu sevginin kimə bəsləndiyindən xəbərdar deyiləm. – Xəbərdarsınız, lakin onun nə dərəcədə sarsıdıcı və əzabverici olduğundan xəbərdar deyilsiniz. – Siz öz sevdiyiniz bir şeyi mənim sevgimə fəda etməyincə mən sizə inanmayacağam. Bilmirəm, sizdə belə bir fədakarlıq cəsarəti vardırmı? Hərkah belə bir fədakarlığa meyliniz varsa, mən də sizə inanmağa və fədakarlıq göstərməyə söz verirəm. Doktorun vücudu əsdi. Leyla isə hələ öz qolunu köynəkdə gizlətməmişdi, doktor onun əlini tutaraq dedi: – Mən buna hazıram! Siz mənə inanın, öz qəlbinizi mənə verin. – Siz ingilislər ələyhinə mənimlə bir işləməyə söz verirsinizmi? Doktor gülümsünərək dedi: – Məqsədinizi anladım. Lakin bu düşmənliyin nə sahədə həyata keçirilməsini aydınlaşdırmalıyıq. – İngilislərin bu səfərinə əngəl törətməliyik. – Bundan nə nəticə çıxacaq? – Türklərin Bakıya hücumuna asanlıq yaratmaq lazımdır. Sizin mühüm vəzifəniz türklərlə əlaqəyə girməkdən ibarət olmalıdır, bunu həyata keçirə bilərmisiniz? – Bəli, həyata keçirə bilərəm. – İndi isə biz sizinlə əməkdaşlıq şərtlərini təyin etməliyik: Siz mənim sevgimin səmimi olmasına inanmalısınız. Siz bu sevginin nəticəsini ancaq vəzifəmizin qələbə ilə nəticələndiyi zaman görəcəksiniz. Sizin özünüz səbəb olmasanız, mən bu sevgini başqa bir sevgi ilə əvəz etməyəcəyəm. Qələbə gününə qədər bizim sevgimiz indiki nöqtədə durmalıdır. Siz heç vaxt bu çərçivədən kənara çıxmayacaqsınız. Siz heç bir zaman qısqanmayacaq və mənim azad hərəkətimə mane olmayacaqsınız. Mən özüm sizə söyləmədən, siz başqa-başqa işlərimin səbəbini soruşmayacaq və məndən hesab istəməyəcəksiniz. Bizim bu əlaqəmiz haqqında nə mənim əmim, nə də başqaları bilməməlidir. Belə bir hadisə üz versə, şübhəsiz ki, siz məndən əvvəl məhv olacaqsınız. Bunların hamısına razımısınız? – Razıyam! Doktorun bu sözündən sonra Leyla ipək köynəyinin qolunu salmaq istərkən: – Qolum çox ağrayır,—deyə çılpaq qolunu doktorun dodaqlarına uzatdı. * * * XLII. Qəzvində Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu. Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi. Biçeraxov Qəzvin şəhərini işğal etdikdən sonra Leyla da ingilislərlə bərabər köçüb Qəzvinə gəlmişdi. Aprel ayının ortalarında Qəzvin şəhərinə yeni ingilis qüvvələri gətirildi. Yeni gələnlər: general Bayron, mayor Key və hindistanlı şahzadə Bahadır xan idi. Onların şərəfinə verilən ziyafətdə Nurəddin Savlayev və Leyla xanım da iştirak edirdi. Əvvəlcə Hindistan şahzadəsi və ingilis kralının fəxri yaveri öz milli qiyafəsini və sarığındakı böyük almaz çığğasını əyərək Leyla xanımın əlindən öpdü. Şahzadə Bahadır xan onun türk qızı olduğunu anlayaraq yanından uzaqlaşmaq istəmədi. Bu vəziyyəti hiss edən general Denster-Vil, Biçeraxov və Nurəddin Savlayevi Bahadır xana bir daha təqdim etdi. – Bu cənab, hazırda bizimlə əməkdaşlıq edən Biçeraxov cənablarıdır. Bu cənab isə cənab Biçeraxovun müavini miralay Savlayevdir, o, eyni zamanda, Qəzvin hərbi polisinin rəisidir. Bu xanım isə cənab Savlayevin qardaşı qızıdır. Süfrə başında Bahadır xan Leylaya sual verdi: – Siz burada çoxmu qalacaqsınız? – Müəyyən bir söz deyə bilmərəm, çünki mən əmimin himayəsindəyəm, o, buradan nə vaxt Qafqaza köçsə, mən də köçməliyəm. – Demək ki, biz birlikdə getməliyik! – Şübhəsiz! – O zaman mənim üçün də həyat şən və yaxşı keçər. Mənim müsahibliyim yaxşı təsir bağışlarsa, özüm də şad olaram. Ziyafət süfrəsi bitdi. Bahadır xan Leylanın qolundan tutaraq Savlayevə yanaşıb dedi: – Sizlə arqadaşımız, eyni zamanda dindaşımız cənab Nurəddin bəylə tanış olduğumdan özümü xoşbəxt hesab edirəm! Mən ümid edirəm ki, bu tanışlıq yalnız Qafqaz səfərində deyil, mənim Hindistana qayıtdığım və Dehli tac-taxtını qəbul etdiyim zamanda da davam edəcəkdir. Nurəddin bəy özünü düzəltdi və yaver ilə tanışlıqdan çox məmnun qaldığını bildirdi. Hərə ziyafət salonundan çıxıb bir tərəfə getdi. General Denster-Vil Biçeraxovla birlikdə maşına oturub, ərkani-hərbə getdi. Çünki bu günlər Biçeraxovun Ənzəliyə yol açmaq üçün Mənçil şəhərinə hücum hazırlığı görülürdü. Bahadır xan isə Leyla xanımı öz maşınına qoyub evə yola saldıqda, Leyla doktor Yusifidisi də çağırıb Bahadır xanla tanış etdi: – Bu bizim xüsusi doktorumuzdur. Hərbi xəstəxananın müdiridir, özü də namuslu və səmimi bir zatdır. Birlikdə evə gəldilər. Bahadır xan vidalaşıb getdi, Leyla xanım ilə doktor Yusifidis isə oturub Türkiyə əks-kəşfiyyat bürosuna məktub yazdılar və ingilislərin, çar ordu hissələrinin bütün planlarını, hərbi vəziyyəti bildirdilər: «Bu günlərdə ingilislər Qəzvin şəhərini ingilisləşdirməyə başlamışlar. Məsələn, «Xəyabane-Şah Abbas» adlı küçənin adını dəyişib «Stafford» qoymuşlar. «Rəşt xəyabanı» küçəsi isə «Mançester» adlanmışdır. Biz bu barədə şəhər camaatına bir müraciətnamə buraxıb ingilislərin xəyanətini ifşa etdiksə də, bir nəticə vermədi, çünki mülkədar və əyanların hamısı bu işlərə etinasız baxır. Ziyalılarda isə bir hərəkət yoxdur. Şəhər əhalisinin çoxu alış-verişçidir. Bunlar əksəriyyətlə milli hərəkəti şəxsi mənfəətlərinə qarşı bir təhlükə hesab edirlər. İranlıları bir hərəkətə tabe tutmaq üçün iki vasitə lazımdır: silahlı qüvvə və şəxsi mənfəət! Çar hökuməti birinci, ingilis kralı isə ikinci vasitəni işlətməklə məqsədinə nail oldu; bizim əlimizdə isə bunların heç biri yoxdur. Hazırda iranlıların qulağına dindaşlıq məsələsi girmir, çünki bunlar dini və məzhəbi də şəxsi mənafelərinə yardım verə biləcək bir vasitə hesab edirlər. İranlıların ingilis və ruslar leyhinə işləməsinin ən başlıca səbəblərindən birisi də, onların birinci növbədə ruhaniləri əldə etmələrindən ibarətdir. Ruhanilər «İngilis və ruslar türklərdən yaxşıdır»—deyə camaat arasında təbliğat aparırlar. Yerli hökumət də osmanlı tərəfdarlığı məsələsində ingilislərin leyhinədir. Çünki osmanlıların Qəzvin və Kürdüstan tərəflərində görülməsi və onların türklər yerləşən ölkələrdə hakim olması, İran hökumətini dərin bir surətdə düşündürməkdədir. İran hökuməti var qüvvəsi ilə ingilislərin qalib gəlməsinə və türklərin İran Azərbaycanına yaxın gələ bilməməsinə çalışır. Buna görə də bizim ingilislər əleyhinə apardığımız təbliğat heç bir nəticə verə bilməz. Keçək Kiçikxan məsələsinə: Kiçikxan Qəzvin kimi bir şəhəri çox ucuz bir qiymətə ingilislərə verdi. Halbuki, Qəzvin camaatı Kiçikxana çox məhəbbət bəsləyirdi. Kiçikxan nə qədər tədbirsiz və siyasət aləmindən xəbərsiz bir zat olsa da iranlılar onu bir qəhrəman deyə tanımaqdadır. Çünki iranlılar öz içərisindən qəhrəman çıxarmağı və çıxartdığı qəhrəmanı da olduğundan artıq böyütməyi sevir. Bununla belə Kiçikxanın Qəzvin haqqındakı etinasızlığı Qəzvin xalqı arasındakı etibarını itirdi. Bu günlərdə məsələni sülh yolu ilə bitirmək üçün general Denster-Vil, miralay Stoksu ağ bayraqla Kiçikxanın yanına göndərir. Ümdə məqsəd Kiçikxanın qüvvələrini öyrənməkdən ibarətdir. Çünki Biçeraxov Mənçilə hücum etmək üçün sürətli bir surətdə hazırlanır. İngilislər, türk ordusu Bakını işğal etməkdən əvvəl özünü Bakıya yetirməyə tələsir. Qəzvinə mayor Keyin komandası ilə yeni ingilis qüvvələri gəlmişdir. Qəzvində nə qədər rus saldatı varsa, hamısı müəyyən maaşla Biçeraxov dəstəsinə daxil olmuşdur. İngilislərin 14-cü alayının bəzi hissələri «Sultanabad»da yerləşdirilmişdir. Qəzvindəki iki yüngül zirehli avtomobilə əlavə olaraq Həmədan şəhərindəki iki zirehli də gətirilmişdir. İngilis süvari qüvvələri bir eskadrondan artıq deyildir. İki kiçik kəşfiyyat təyyarəsi də mövcuddur. General Denster-Vilin aldığı teleqrama görə, bu günlər kral səhra topxanasının 8-ci batareyası da Qəzvinə gətiriləcəkdir. Qusar alayının bir hissəsi və Kənd alayının min nəfərlik piyadası da iki dağ batareyası ilə Həmədana gəlmiş və oradan Qəzvinə yola düşdüyünü xəbər vermişdir. İngilislərin canlı qüvvələri az olduğuna baxmayaraq mövcud olan hissələr mexanikləşmiş hissələrdir. Hazırda Qəzvin və Həmədanda beş yüzə qədər avtomaşın mövcuddur. Qəzvində olan dörd zirehli avtomobildən başqa, Həmədanda da dörd zirehli avtomobil vardır. Biçeraxovun Mənçilə başlayacağı hücumun planını hələlik ələ gətirmək mümkün olmamışdır. Yaxınlarda əldə edib göndərəcəyik. Bu gün ingilis əks-kəşfiyyatı, Qəzvin kəndlərində türk zabitlərinin Kiçikxan üçün qoşun hazırladığı xəbərini almışdır. General Denster-Vil onları həbs etdirmək üçün Biçeraxova əmr vermişdir». * * * XLIII. Qısqanclıq Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi. Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi: – Mədəni olmaq, cəmiyyət qadını olmaq, ziyalı davranmaq, qadınlarda seviləcək ən müsbət xasiyyətlərdəndir. Lakin bunu müəyyən bir çərçivə içərisində həyata keçirmək lazımdır, bunları həyata keçirmək istəyən hər bir qadın, hamıdan əvvəl qadın üçün lazım olan həya, vicdan və qadınla kişi fərqini bilməkdən ibarətdir. Sən şahzadə ilə bir həyətdə böyümüş iki məktəb yoldaşı kimi dolanırsan; daima onun əli sənin çiynində, sənin əlin isə onun yaxasında və çiynindədir. Sən onun yaxasındakı almaz düymələrlə əylənirsən, o isə sənin başındakı darağla oynayır. Sən heç də unutma ki, Bahadır xanlar bizim məqsədimizə heç bir kömək etməzlər. Türklərin mənfəəti üçün istifadə edəcəyimiz materialların hamısı bizim öz əlimizdədir. Biçeraxov ərkani-hərbi bizim üzümüzə açıq olduğu təqdirdə, Hindistan şahzadəsindən nə arayırsan? Doğrusu, bu vəziyyətə açımamaq və qısqanmamaq mümkün deyildir. Sənin Bahadır xana nişanlanmağın və ona ailə qurmaq üçün söz verməyin yalnız quru bir söhbətdən ibarət deyil, sən bunu yavaş-yavaş həyata keçirir və özünü Bahadır xana təslim etməyə hazırlaşırsan. Sən bütün bunları etdiyin halda, mənə də qısqanmamağı təvsiyyə edirsən. İndi sən özün söylə, biz beləmi danışmışdıq? Leyla heç də vüqarını pozmayaraq dedi: – Bəli, belə danışmadıq. Mən qısqanmamağı sənə ilk şərt qoymamışdımmı? – Nə şərait daxilində?.. – Mən sənə əvvəlcə demişəm ki, sən özün səbəb olmadan, mən bu sevgini başqa bir sevgi ilə əvəz etməyəcəyəm. – Edəcək bir şey qaldımı? – Sən nahaq elə düşünürsən? – Mən kiməm və nəciyəm? Mən hansı səbəblə sənə inana bilərəm? Nə vaxta qədər səni Bahadır xana tapşırıb evdən eşiyə çıxmalıyam. Sən məni öz məqsədin üçün alətmi etdin? Məncə bu vəziyyəti uzun zaman davam etdirmək mümkün olmayacaqdır. Bu vəziyyətə bir gənc insan dözə bilməz. Sən məni Dehli tac-təxtinə qurban verir və Hindistan məlankəsi namizədi olmaqdan məmnun qalırsansa, bütün vəzifələri buraxıb, alnına Hindistanın qiymətli daşlarını düzmək istəyirsənsə, o zaman bunu mənə açıq söyləməlisən. Bunun müqabilində söz verirəm ki, sənin bütün sirlərin mənim qəlbimdə qalacaq və bu sirləri mən qəbrə aparacağam. Leyla yenə vüqarını pozmadı, onu sakit edə biləcək cavablar verdi. – Hələ qəbrə getmək vaxtı deyil, əziz dostum! Biz ikimiz də, gəncik, bizə yaşamaq və məqsədimizi sona qədər davam etdirmək lazımdır. Mən səninlə tanış olduğumdan neçə gün sonra demişdim ki, inanmaq olan yerdə qısqanmaq yaramaz. Görünür ki, sən mənə inanmırsan. Lakin sən buna haqlı deyilsən, küsməyə də haqqın yoxdur. Mənə inan, nə mən Bahadır xana qismət olacağam, nə də Hindistan məlankəliyi mənə! Nə üçün o mənim yanıma gəlirkən sən qalxıb gedirsən? Əvvələn, o, bu hallardan şübhələnir, ikincisi, bu hərəkətinlə məni, kişiləri növbə ilə qəbul edən qızlar dərəcəsinə qədər alçaldırsan. Mən hələlik heç kəsin deyiləm. Sənə verdiyim vədlərə isə türklər ingilisləri məğlub etdiyi gündə vəfa edəcəyəm. Bildin ki? – Bəli, bildim! – Elə isə, yeni xəbərlər deyəcəyəm, otur! Kağız, qələm götür, yaz. Türkiyə ərkani-hərbinə verdiyimiz vədlərə əməl etməliyik, necə deyirəmsə elə də yaz. «Kiçikxan ingilislərin sülh təklifini rədd etdi. İndisə ingilislər Qəzvindən Xəzər dənizinə qədər olan yolları müharibə vasitəsi ilə açmalıdırlar. Biçeraxov iyunun 5-də Kiçikxanın Mənçil çəbhəsinə hücum etmək üçün Qəzvindən hərəkət edəcəkdir. Hücumda iki min atlı, üç min piyada kazak, dörd batareya top, bir eskadron ingilis atlısı, iki zirehli avtomobil iştirak edəcəkdir. İki ingilis təyyarəsi də Biçeraxovun ixtiyarına tapşırılmışdır. İyunun 11-də Mənçil məsələsi həll edilməlidir. İyunun 12-də Biçeraxovun qüvvələri, Mənçilin 8 kilometrliyində olan «Vali» mövqeyini işğal etməlidir. İngilislər Kiçikxanın mövqeyini və onun əlində olan canlı qüvvələri lazımi qədər öyrənmişlər. Biçeraxov ərkani-hərbində Kiçikxanın müvəffəqiyyət qazanacağına inanan azdır». Məktub yazılıb qurtardı, sonra da bu məktubun məzmununun Mənçilə, Kiçikxana göndərilməsi barəsində danışıldı. Doktor dedi: – Bu asandır, çünki Qəzvin—Mənçil telefon xətti bizim ixtiyarımızdadır. Telefon rəisi bizdədir. Doktor qalxıb getmək istərkən Bahadır xanın maşını qapıda dayandı. * * * XLIV. Bakıya doğru Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi. Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi. Menşevik, eser və daşnaqların bütün təlaşına baxmayaraq, Bakıda bolşevik hökmranlığı davam edirdi. İngilislər tez bir zamanda Bakıya gedəcəyi şübhəli idi. Çünki Kiçikxan məsələsi tamamilə həll edilməmişdi — o, yenə də öz taleyini sınamaq və Rəştə hücum etmək istəyirdi. Bunlardan da əlavə Rəşt şəhərində tif və vəba xəstəliyi şiddətlə yayılırdı. İstilərin şiddətinə dözmək də mümkün deyildi. Leyla xanım və Tiq-Çonsonun sevgilisi Raja Bahadır xanın məsləhətinə görə Həmədana qayıtmalı və istiləri «Muradbəy dərəsində» keçirməli idilər. Leyla razı deyildi, çünki türklərin Bakıya hücumu yaxınlaşırdı. Leyla isə Bakıya gedərək bu işdə çalışmaq istəyirdi. Tam bu günlərdə erməni milli sovetinin sədri Araratyan Bakıdan Ənzəliyə gəlmişdi. Araratyan qızların Həmədana göndərildiyini eşitdiyi zaman, şahzada Bahadır xan və Tiq-Çonsona müraciətlə qızları özü ilə bərabər Bakıya qonaq aparmağa icazə istədi. Qızlar özləri də buna razı olduqda, bu barədə qərar çıxarıldı. Leylanın təklifi üzərinə doktor Yusifidis də öz xidmətindən azad olunaraq onların xüsusi həkimi sifətilə Bakıya getməyə hazırlaşdı. Mayın 27-də, axşam saat dörddə Ənzəli limanında fövqəladə bir müşayiət təntənəsi düzəlmişdi. Qızları müşayiət etmək üçün 39-cu Britaniya briqadasının zabitləri, Qlaçester batalyonun yüksək rütbəliləri Stafford, Uçerçester və Varvik alaylarının miralayları tamamilə körpüyə yığılmışdı. Onların hər biri doktor Araratyanın əlini sıxıb vidalaşdıqda, qızlara hörmət edilməsini və istirahətlərinin təmin olunmasını rica edirdi. General Denster-Vil irəli gələrək, qızların əllərini öz əlinə alaraq: – Siz İngiltərə missiyasının Bakı səfəri tarixində dan ulduzu rolunu ifa edirsiniz. Mən ümid edirəm ki, dan ulduzları Bakı üfüqlərində görünən kimi, bir azdan sonra da Bakının üzərində bizim günəşimiz parlayacaqdır. Salamat gedin, övladlarım. Qızların mindiyi gəmi «urra» səsləri və gurultulu musiqi altında körpüdən ayrıldı. * * * XLV Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü. Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır. O, Hindistanda Dehli şəhərində doğulmuş, İngiltərədə təhsil almış, kral sarayında tərbiyələnmiş, nəhayət, Bakıda sevdiyi qızın əlilə Palçıq Vulkanı çəbhəsində öldürülmüşdür. Romanın ikinci tipi Əlisaus Yusifidisdir. Bu adam da İstambulun Böyük adasında doğulmuş, Sultaniyyə məktəbində tərbiyə almış, tibbi məktəbi bitirmiş, eyni zamanda Almaniyada osmanlı ataşeliyində xidmət etmiş və dünya müharibəsində İstambula çağırılaraq əks-kəşfiyyat bürosunun ixtiyarına verilməklə Həmədan şəhərinə göndərilmişdi. * * * == Şeirlər == «Şərqi-Rus» qəzetinə Gözüm, dur xabi-qəflətdən, çıxıb gün aşikar oldu, Bəhəmdulla şəbi-yəlda gedib nisfi nahar oldu! Dolubdur səfheyi aləm şüayi «Şərqi-Rus» ilə, Qaranlıq könlümün zülmət sərası zərnikar oldu. Eşitdim təzə güldür, baş verib bağı-təməddündən, Keçib əbnayi-islamın xəzanı, novbahar oldu. Tapıb bir nömrəsin qıldım qiraət çox sürur ilə, Dedim barixuda bəxtim nə xoş saətdə yar oldu. Ümidim var çıxaq ruyi-zəminə cahi-zülmətdən, Olur mə’lum çox qafil bu işdən huşyar oldu. Yəqinimdir qoyallar bizləri də silki-ürfanə Neçin ki, rövnəqi-ətvarımız hər yerdə car oldu. Dayandı başımız əğyar içində ərşi-ə’layə, Bizim də adımız millətlər içrə yadikar oldu. Dəqiq islam olan hərgiz götürməz əl təşəkkürdən, Həqiqət bu qəzet insan üçün çox iftixar oldu. Bu söz məşhurdur etməz tərəqqi elmsiz millət, Hamı elm əhli rahət, elmsizlər xaru zar oldu. Əzizim, mümkün olduqca oxu türki qəzetlərdən, Bununla cümlə cəhlin binası tarmar oldu. Pulun var yaz götür, yoxdur, mənimtək özgədən al, bax, Xoşa, ol kəslərə bu kari xeyrə cannisar oldu. Atıb «Şahnamə»ni hər yerdə ruznamədən dəm vur. Bu lazımdır sənə, onlar tamamən xaksar oldu. Bu bir şöhrət deyil İskəndərə bac aldı dəryadan Neçə bəs xalq üçün dəryalar indi vagüzar oldu. Düşün ey binəva, getdi İskəndər dar-zülmətə, Elektriklə ol zülmətsəralar rəhvar oldu. Səmər yoxdur, əzizim, tari haqqı, köhnə işlərdən, Desə dərviş inanma Rüstəm ağ divə səvar oldu. Səida, hər qədər vardır qələm yaz bu məqalatı, Sənə bu «Şərqi-Rusun» nömrəsi bir e’tibar oldu. * * * Xabi-qəflət Dur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən, Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən! Tamamən xalq olub bidar avazi-müəzzindən, Dur, ey aludeyi-qəflət, göz aç bir dəm kəsalətdən. Ülüləbsar olan sübh olmamış bidar olur bişək, Deyil insani-kamil durmayan xabi-cəhalətdən. Gözün var isə hürriyyət ziyasından götür hissə, Yaşa insanca, insanlartək azad ol əsarətdən! Təlaş əyyamı, hürriyyət zamanı, iş məqamıdır, Mənə söylə görüm kim müstərih olmuş səfalətdən? Nə yatdın, ey müsafir? Sübh açıldı, karvan köçdü, Özün tək, pürxətər mənzil, səmər yoxdur bu rahətdən. Demə mən şir idim, həm mən şücaətdə arslan idim, Tökərlər başına elm ilə bu xaki məzəllətdən. Qarışqa elmidən dərk etsə baxmaz zuri-bazuya, Bir alim kimsə xof etməz bir aləm zoru qüvvətdən. Gər olsa əksəriyyətlə cəmaət hakimə məhkum, Bir hikmət alimi xof etməz ali bir hökumətdən... Gəl, qardaş, ataq qəfləti bilmərrə kənarə, Bir az da bu qəflət qala olmaz dəxi çarə... Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət, Avara qoyan bizləri qəflətdi, bu qəflət! * * * Vətənimizə bir neçə söz Bahar oldu, ey sinədağlı çəmən! Göz aç qəmdən, ey xaki-paki vətən! Çıxıb gün sabah oldu, dur xabdən, Çəkil sahilə sarı girdabdan. Açarmı lisani-ədəb bülbülün, Bahar oldu, noldu bəs açmaz gülün?! Neçin səndə var daimi bir xəzan, Haçan gül açarsan, sən ey bustan?! Məgər sən deyildin səfalı çəmən? Məgər səndə yox susənü nəstərən? Açıb nərgiz ol məstü şəhla gözün, Qızıl gül həyadan qızardır üzün. Göz aç, sən də alqışla bu işrəti, Verər bülbül e’lani-hürriyyəti! Alar qumri məşrutə tə’limini, Bənövşə verər dərsi-tə’zimini. Girər bağa tuti quşu bavüqar, Oxur nitqlər, parlamanı açar. Qurar intixabatı əhli-çəmən, Durub sədri-məclis olar yasəmən. Olar rəsmi-talari-gül payidar, Hamı yerdə icrayi-kari-bahar. Çıxam yüz bahara, görəm yüz çəmən, Gözüm səndədir, səndə, ah ey vətən! Kim etdi səni dərd ilə həmkənar? Kim etdi çəmənkahını xaksar? Gahi tarmar etdi İran səni, Gahi basdadı ali-Osman səni, Olan dəmdə hər zihəvəs tacidar, Qılardı səni fəth əvvəl qərar. Verərdin sən əğyarə, ey xaki-pir, Nə qədri həyadidə qızlar əsir! Zamanlarca aləmə amac idin, Ərəblər əmudilə tarac idin. Yanıb səndə Netron, Teymurlənk, Batı xanu, Çingiz, salari-cəng... Edib səndə milyon xəlayiq zaval, Adın qalsa xoşdur məhəlli-qiqtal! Rəiyyətdə yox əqlü elmü vüqar, Özün dami-qəflətdən etsin kənar... Bu əlvat-birəhm alimnüma, Salan dəmdə təsbihü şalü əba, Çəkər milləti dara təzvir ilə, Rəsədbənd edər qanlı zəncir ilə. Qənilər kərəmsizdi, millət fəqir, Yorulduq cəfalardan olduq yəsir. Bu aləmdə gülməz fəqirin üzü, Yalandır fəqirin səadət sözü. Səida, dəxi qoyma əldən qələm, Qələm əldə candan keçib ol ədəm... * * * Loğmanın vəsiyyəti Əshabına bir gün dedi Loğmani-həqiqət: Etdi məni hübbülvətənim mətleyi-hikmət. Bildim vətənin qədrini etdim də sədaqət, Çünki çatar insana sədaqətlə şərafət. Hübbülvətən övladıma məndəndi vəsiyyət, İnsanlara fərz olmalıdır qeyrəti-millət. İnsan olubən bil nədi qüdsiyyəti-insan, Mənsəb haradır, ya ki, nədir mənbəyi-iman, Hübbülvətən olmaz, gedər iman ilə ərkan, Ondan sora bilməzlər, heyvanmısan, insan, İnsan olan etsin gərək həmnov’unə xidmət, İnsanlara fərz olmalıdır qeyrəti-millət. Baş ver vətən uğrunda hər əbnayi-vətənsən! Baş verməsən insan nə ki, bir zağu zəğənsən! Ey ol kişi, sən ki, vətən alamı çəkənsən, Əhsən sənə, sən millətə nəzhətli çəmənsən! Olsun gərək hər fərdi-yaranmışda həmiyyət, İnsanlara fərz olmalıdır qeyrəti-millət. Loğmana dedi bir kişi, ey arifi-kamil, Bu əql ki, var məndə nədir bundakı hasil? Bu növ cavab aldı ki: əql olmasa zail, İnsan eləməz qeyrəti-millətdə təğafil! Əql olmasa olmaz təni-insanidə qeyrət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! Yatdıq nə qədər naz ilə indisə ayılmaq, Başdan keçib heysiyyəti-milliyyə qazanmaq, Can ilə təlaş eləyibən qana boyanmaq, Bir əmri-müqəddəsdi vətən qeydinə qalmaq, Qoy qanını töksünlə, qıl isbati-şəhadət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! Baş verməyən insanın hüququ verilməz, Yüz kimsə əgər ölməsə min kimsə dirilməz, Millətdə tifaq olmasa asayiş edilməz, Əfsus ola bir millətə öz qədrini bilməz, Bilməz nədi qeyrət, nədi millət, nədi himmət. İnsanlara fərz olmalıdır qeyrəti-millət! Bu rahdə çox kimsələr ad eylədi getdi, Zindanlara düşdüsə də hürriyyətə yetdi, Hürriyyəti insanlar əsarətlə yeritdi, Öldü, özü ölməklə hamı həqqi diriltdi. Yatmaq ilə verməzlə musavatü ədalət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! İnsanda əgər olsa təcəllayi-kəmalət, Mə’yubilər öz eybin edəmməz ona isbat, Var olsa əgər bizdə ülumi ədəbiyyat, Şamil olar əhvalımıza feyzi-musavat, Hər ləhzə, Səid, eylə bu əfradə xitabət, İnsanlara fərz olmalıdır qeyrəti-millət! * * * Ona... Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş, Axırda yaxar zatını yaxdıqların atəş! Səndənmidir hər gülbədə, kaşanədə matəm? Bir gün də sənin zatına zindan olar aləm. Bidad ilə üftadələrin yurdunu yıxma, Azadələrin zülm ilə meydanına çıxma. Hər ölkəni al, vur bütün aləmlərə zərbə, Çox məhbəsə insanları, sür məqtəli-hərbə. Lakin onu bil, hər nə ki, bidad edəcəksən, Bir gün gələcək sən dəxi fəryad edəcəksən! * * * Lövheyi-bahar Əlminnətəlillah ki, bahar açdı niqabın, Gün çıxdı, üzü güldü gülüstanə səhabın, Gül qönçəsi bülbül görərək atdı hicabın, Seyr etmədə əbnayi-vətən səhni-səfanı, Bülbül kimi yaz olcaq unutmuşla şitanı. Ormanlara bax, dəhrə nasıl verdilə rövnəq, Ənhar axıyor, saheyi-əşcarinə mütləq. Səhralar olub güzgü, baxırsan görünür həqq, Əlhəqq, nə əcəb çəkdilə təsviri-cahanı Bir sirrdi mübhəm, bir əməldir ki, nihanı! Çamlı təpələr zirvələrindən su şarıldar, Batdığda günəş nurun alıb gün kimi parlar, Su dalğalanıb zümzüməpərdaz olur ənhar, Daşlarla təsadüflə bu nəhrin cərəyanı Hər dalğanı tə’qibdə yüz min həyəcanı. Açmış üzünü gülşənə məşuqi təbiət, İnsana əyan olmada əsrari-həqiqət, Hər qönçədə min rayihə, min şanlı təravət, Təqdir edəlim qüdrəti-xəllaqi-cahanı Həm gülşəni təsis edib, həm fəsli-xəzanı. İrmaqların ətrafın alıb pənbə dumanlıq, Zira ki, çiçəklərdi saçan şanlı qaranlıq, İrmaqda üzən ördək edir qətrəfəşanlıq, Bildinmi nədir etdiyi iradi-zəbani?! Dağlardan alan əksi-səda tərzi-bəyani. * * * Xilqətimizdən Bir sövq təbiətlə bəşər maili-qovğa, Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda. Meyxorəni etməm daha bir bunca məzəmmət, Meydən, məzədən xəlq olub həp bəşəriyyət. Hər kəs meyə aşiq, hərə bir badəyə məftun, Bayğın bəşər hala yenə sərməst digərgun. Övladi-bəşər xak imiş, öldükdə olur xak, Az keçməmiş ol xaki-siyəhdən köyərir tak. Əngur bitir tərk olunan məqbərələrdən, Xumlar düzələr heykəli-məxmuri-bəşərdən. Torpaqda imiş məbədü meyxanə də, mən də, Məscid də haman xak ilə, mey də, mey içən də. Mən xəlq edilən xak ilə meyxanə salınmış, Vaiz yaradan xak ilə məscid qayırılmış, İştə bu səbəbdən mənə meyxanə nəşimən, Vaiz də bilir minbəri kəndisinə mə’mən. Çirkin, gözəl, erkək, dişi həmzadeyi təndir Xumlar də həmin, mən də həmin, mey də həmindir. Dünya özü meyxanə, bəşər məsti-xərabat, Hər yerdə əsatir, miləl, hərzə, xürafat. Sərxoş bəşərin sinəsi bir badeyi-gülgun. Bədməst qəza qorxulu bir səhneyi-pürxun. Mey mayəsi təvlud olunurkən ətimizdən, Həm ğailələr, mə’rəkələr xilqətimizdən. * * * Biz Aləmin hər dürlü təşkilatı rö’yadır bizə, Sənətin e’cazı ancaq bir tamaşadır bizə. Bilməriz dünyaya gəlməkdən nədir mənzurimiz Hər bir iş dünyada mübhəmdir, müəmmadır bizə. Həp əsiri-qəfləti-cəhliz, səfalətpərvəriz, İmdi də hürriyyətin dünyası yəldadır bizə. Qibleyi ürfanı görməz dideyi kəcbinimiz Arizi-zibayi-hürriyyət həyuladır bizə. Biz nə bədbəxtik ki, istibdadi-mə’şumun üzü, «Cənnəti üzmada» olsaq da hüveydadır bizə. Bizcə birdir əksəriyyət ya əqəlliyyət sözü, Həp bu bir əfsanəyi-Məcnuni-Leyladır bizə. * * * Taxtkahi-Cəm Bir qəm sarayı möhnət imiş taxtkahi-Cəm. Həp əski uyqusunda durur kişvəri-Əcəm. Dövri-bərində parlar ikən nuri-inqilab, Açmaz gözün, gözündə tilu qılsa afitab. Məzlum Əcəm, yanar ürəkim qəmli halına, Mən ağlaram, sən ağlamayırsan zəvalına. Bir ingilis əsirisən, ey əski Məmləkət, Qəmli sükutuna de görüm varmı bir cəhət? İranlılar, qalırsa hər əski sufatınız, Bir inqilab əlindədi qəti nicatınız! Qorxma, batar o qəhr ilə düşmən siyasəti, Hərbi qiyamə başlasa İran cəmaəti. Sanma böyükdü düşməniniz, iqtidarı var, Bir səmtə daim əsməyəcəkdir bu ruzigar! * * * Bahar çiçəkləri Səd şükr bahar oldu, ötüb fəsli zimistan, Şuralar ilə ziynət alır səhni-gülüstan. Saçmış günəşin göylərə beynəlmil əlbət, Baş qaldırıyor xakidən əbnayi təbiət. Mənfaları tərk etmədə hicranzədə bülbül Sünbül daramış zülfünü, rüxsarın açıb gül. Beynəlmiləlin bülbül oxurkən bu şuarın Zanbaq gülüyor, nərgis açır çeşmi xumarın Kəklik də vurur qəhqəhə baxdıqca bu halə, Bu işrət üçün lalə tutub əldə piyalə. Məhv oldu xəzan dəhşəti əbnayi-çəməndən Artıq çəkil ey zülmü sitəm şanlı vətəndən. Azadə vətən hürr süxən bizdə mühübbə Hər qəryədə, hər göydə açılsın yeni şura! Bülbüllərə zindan kəsilən sahəti gülşən Güllərlə bəzənsin, ucalansın gülü süsən! Bir şəmsi-həqiqət yerə salsın da ziyasın, Birləşdirəlim ta ki, bu gülşən füqərasın! * * * Şe’r və məhəbbət Şadam səri-kuyində nikahban ola bilsəm, Bir dəm hərəmi vəslinə mehman ola bilsəm. Bir xəndeyi məs’ud ilə qılsın məni təqyid, Şövqüm, həvəsim, təb’im olur bir daha təzyid, Şe’rimlə müqabil duramaz xameyi tənqid, Vəsfi ləbi-lə’linlə qəzəlxan ola bilsəm. Etdim nə qədər dərsi-qəmi-eşqini təhsil, Heç gül səni çeşmində fəqət qılmadı təmsil, Təb’im edəməzmiş vərəqi-hüsnünü təkmil, Eşqində yüz il tifli-dəbistan ola bilsəm. Baxsam gülə səndən sora əş’arıma lə’nət, Hüsnün var ikən qönçeyi xəndanə nə hacət? Atəşdə yaxılsam girəməz fikrimə cənnət, Ağuşi-nəcibanədə bir an ola bilsəm. Göftarını bir ləhzə fəramuş edə bilməm, Eldən mənə yüz tə’nələr olsun da çəkilməm, Ölməm, fələkin pənceyi-qəhrində əzilməm, Səncə sevilən bəxtəvər insan ola bilsəm. Bir mehr ilə baxsın mənə ol dideyi-səhhar, Yüz il yaşar, ölməz, dirilər aşiqi-bimar, Min dəsti-əcəl eyləyəməz ruhimi naçar, Dəstində sənin layiqi-dərman ola bilsəm. Min dəfə əzilsəm bu görülməz sitəmində, Məhv olsam əgər firqəti-əbruyi-qəmində, Şadam yenə xak olsa vücudim qədəmində, Bir çoxlarıtək payinə qurban ola bilsəm. * * * Aprel Aprel günəşi məndə bir düşüncə yaratdı, O düşüncə fikrimi işıq aləmə atdı. Mən günəşin nurundan zərrin qanad alınca, Qanadlanıb uçaram bir yenilik dalınca. Quşlar nəğməyə başlar, ruzikarlar tar çalar, Şadlığından qönçələr köynəyini parçalar. Bağçalar qurtarınca qışın əsirliyindən, Körpə otlar qol açar beşiyinin içindən. Halələrdən rəng alır çiçəklərin çöhrəsi, Hər quşun dodağında böyük bayram nəğməsi, Bu nəğmədir şe’rimə ilham verən, can verən, Bu nəğmədir həyatın damarına qan verən. * * * Dinsizlik özü də bir dindir Dinsizliyi tərvicdən əl çəkmədim əsla, Zira məni hürriyyətə sövq etdi bu sevda. Əfkarımı bir zərrə usandırmadı tənqid, Atəşli cəhənnəm də məni qılmadı təhdid. Biganə bilib məndən uzaqlaşdı cəmaət, Aldırmadı kəndisinə bir kimsə nəhayət, Nifrətlər edərkən mənə din oğrusu insan, Buldum fəqət azadə nəfəs almağa imkan. Nə dinə, nə şər’ə, nə də qur’ana baxardım, Bir din olaraq onları kəndimdə arardım. Mahiyyətimi yazmadı İncilinə İsa, Əfkarımı dərc etmədi Tövratına Musa. Nə qibləyə səcdə, nə namazında rukuim, Mən din ikən olmazdı Məhəmmədlə rücuim. Yox onlara hissimdə nə nifrət, nə məhəbbət, Hələ nə yapır qoy yapa qafil bəşəriyyət. Din əhlinə də kəşf olur axırda müəmma, Dinsizliyi dinindən alırmış kişi zira. Getdikcə doğar əski cahandan yeni aləm, Bid’ətlər ölür, dəhrə gəlir ayrı bir adəm. Dinin də olur zəhrili mazisi fəramuş, Hərbin də olur yerdəki atəşləri xamuş. Övladi-vətən munis ikən sinfə bölünməz, Asayiş olur dəhrdə, hərbin üzü gülməz. Milliyyət üçün bir belə qan selləri axmaz, Din ordusu dəhşətlə cahan xalqını yaxmaz. Bir gündə ki, qalmaz nə şəriət, nə də rəhbər, Övraqi-əsatirə düşər ləfzi peyəmbər. Nadidə xudalar da çıxar fikri-bəşərdən, İnsan unudar yerdəki allahı nəzərdən. Göylərdəkinin yerdə nümayəndəsi qalmaz, Yerlərdəki allahı bəşər fikrinə almaz. Allaha güvənməz qan üçün bunca hökumət, Ruhani hökumətlərə qalmaz daha fürsət. Dinsizlik olar, bir daha qalmaz bu kəşakəş, Milliyyət ölər, həm də sönər yerdəki atəş. Bir din kimi dinsizlik olar sinfdə möhkəm, Ondan sora asayiş olar yerdə müsəlləm, Azad edər insanlığı din mə’rəkəsindən, Dinin bəşərə yağdığı təkfir səsindən. * * * Leninə Afağı ağladırsa da tə’siri-matəmin, Asudə yat, bu mövt ilə sarsılmaz aləmin. Bir qəl’ə tək təcəssüm edər qurduğun cahan, Qəbrinlə də cahana açarsan bir asiman. Milyon qabarlı əl çiçək atsın məzarına, Ölmüş bədən, fəqət əbədi bir şüarına. Cismin kömülsə xakə, kömülməz əməllərin, Daim cahandadır yenə himmətli əllərin. Mövtünlə şad olurmu bu qəddar düşmənin, Ölsən də sən, ürəklərimizdir nəşimənin. Biz də səninləyik, sənə səndən də məhrəmik, Fikrin, əməllərin kimi hər işdə möhkəmik. Alçaq ürəklər olmaya mövtünlə kamiyab, Ruhun da, heykəlin də, məzarın da inqilab! * * * Gürcüstan Mübarizə tarixində üstün bir ad daşıyan, Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan! Zülmə qarşı kəskin, dərin bir ədavət bəsləyən, Heç qorxmadan qışqıraraq «Çar rədd olsun!» səsləyən, Jandarmlar partladanlar, qələ’ələri yaranlar, Can verməklə ali, yüksək məqsədlərə varanlar. İşçilərin, kəndlilərin azadlığı yolunda, Çoxdan bəri ölməz, sönməz duyğu gördüm mən onda. Sinəsində polislərin qurşunları partlamış, Sarsılmadan ölümlərin üzərindən atlamış. Bu çarpışma işçisinə bir azadlıq vermədən, Üzərinə atılmışdı hər çıxışda bir düşmən. Lakin yenə çəkilməmiş o, məqsəddən, əməldən, Qurşunlara diz çökməmiş, sarsılmamış təməldən. Dəhşətlərin qarşısında o duyğular sönməmiş, Bir həqiqət olub qalmış, xülyalara dönməmiş. Padvallardan işçi sinfin inqilaba çağırmış, İstismarçı ünsürlərə «rədd ol» deyib bağırmış. Sürgün olmuş, məhv edilmiş, atılmışdır zindana, Ən nihayət öz varlığın tanıtdırmış hər yana. Menşeviklər ilan kimi sarılmışdı boynuna, Yeni zəncir hazırlardı o inqilab yurduna. Bir tərəfdən fransızlar, italyanlar didərdi, Hər ay başı bir cahangir dövlət gəlib-gedərdi. Zəli kimi qanın sorub qopmazdılar canından, Verməzdilər Oktyabra qoşulmağa bir imkan. Qabar əllər yenə yapdı zülmə qarşı bir üsyan, Kapitalist lakeylərin süpürmüşdür ortadan. O, məhv olmuş rəhbərlərin məzarının daşından, Düzəlmişdir məhv edilməz, təslim olmaz Gürcüstan! * * * Borjom Özümün əski xatıratımdan, Yeni bir şən səhifə açdım mən. Mənə münisdir ol vərəqparəm, Görürəm onda başqa bir aləm. Mən o aləmlə oynaram hər an, Daima xatırımda Kürcüstan. O düşüncəm böyük bir əyləncə, Borjom ən çox səfalıdır mənçə. O yerin hər daşında bir dünya, Ayrı ay, ayrı ulduz, ayrı səma. Bürümüş şəhəri yamyaşıl orman Dərələr səhnə, şaxələr rəqsan. O yaşıl, nəğməzar gülşəndə, Oxuyur min tüyür pür xəndə. Öylə bir dilruba göyərmiş çam, Çəkib hər şaxəsin birər rəssam. Quşlar azadə, yox dəmir məhbəs, Dinlənir hər məsirədən bir səs. Musiqi məclisindəyəm kuya, Məni əyləndirirdi ol dünya. Uçar azadə ormanın pərisi, Hər quşun öz yanında sevgilisi. Hər çam altında eşqdən söhbət, Daima bir müvəqqəti ülfət. Hər çiçək öz təbii halında, Hər kəs öz eşqinin xəyalında... * * * Bahar Günəş sallanaraq qardan öpəndə, Bağlar gül açanda, bülbül güləndə, Qızlar çölə çıxıb rəqs eliyəndə, Ey şair, o zaman gəl bizim kəndə! Qönçələr atanda üzündən örpək, Dağlar al çiçəkdən geyəndə köynək, Təbiət dağlara verəndə zinət, Bülbüllər şe’r oxur bahar deyərək. * * * Ay Aldanmış əməllər kimi sən, ey sarı məş’əl! Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl! Xülya kimi yüksəl, nə qədər yüksələcəksən, Sönmüşsən, o sönməkləmi qalib gələcəksən? Hər kəs uçalıqdan yeni bir zövq alır əlbət, Təhsilinə can qoysa da, sərf etsə də himmət. Lakin tutamaz kimsə o yüksəkliyi möhkəm, Qalxsan da, uçalsan da düşərsən yerə sən həm. Cəmiyyətə bir iz burax öz yüksəlişindən İz yoxsa əmin olma həyatın gedişindən. Səndən gecələr nur alaraq parlayır afaq, Ay, sən ləkə altında durursan özün ancaq! Daim üzündə var qara bir ləkə Hər ufaq bir duman sənə təhlükə. Xalqdan daima yüksək durmağa, Mühitdə yeni bir həyat qurmağa, Ləkədən təmizlən hər işdən qabaq, Bunsuz mümkün deyil qalxmaq, parlamaq. Özkənin işığın üzərindən at, Özündə sönməyən bir işıq yarat! İşıq sal qaranlıq məmləkətlərə, Üfüqlər dağıdıb parla bir kərə! Mühitin bənzəsin günəş yurduna, Qaranlıq dumanlar çəkməsin ona. Sə’yinlə günəşdən yeni bir nur alaraq çıx, Qabil olamazsan buna, çıx səhnədən artıq! Doğdun, gecə-gündüz, yenilik doğmadın amma, Aləm yeni, lakin yenilik səncə müəmma. Bərraqsan, ancaq olamazsan günə hakim, Sevməzsən işıq, zatına mütləq gecə lazım! Sonsuz dənizlərin köksün yırtaraq Dalğalar üstündə düzmüşük «mayak» Qaranlıq dünyanı işıqlandıran, Atəş işlətmədən fənər yandıran, Dahilər yaradan, dünyalar tapan, Zəhmətdən sarsılmaz qalalar yapan, Əski dünyaları kökündən yıxan, Qartaltək fırlanıb göylərə çıxan, Bizik, biz sönməyən bir günəşdəniz, Sənətdən buraxan silinməz bir iz. Biz bir günəşik, ay deyil artıq bizə mənzur, Zülmətli, qaranlıq gecələr bizdən alır nur. Təslim alarıq selləri, tufanları bizlər, İnlər ayaq altında məhəbbətli dənizlər. Biz sönməmişik, parlaq hünər ölkəsiyik biz, Məğrur təbiət yıxa bilməz bizi hərgiz. Şimşək saça dəhşət bu yerin bir ufuğundə, Məhv eyləyərik göyləri atəşlər içində. Biz ay deyilik, bilmərik inçəlmək, əzilmək, Dəhşətli deyil iş görüb insan kimi ölmək. Ey sönmüş əməl, gəl işıq al, sən’ətimizdən! Yüksəlmək üçün feyz ara cəmiyyətimizdən! * * * Sindan Saç xariqələr, dəhri qoy e’cazına heyran, Əzmində, səbatında qüsur eyləmə bir an. Tab elə ki, üstündədi hər bir yeni siqlət, Aç sinəni atəşlərə, alsın bəşər ibrət. Atəşlə dəmir eyləməsin əzminə tə’sir, Od yağsa havadan verəməz çəbhənə təğyir. Çarpış, vuruş atəşlə, dəmirlərlə dəmadəm, Bir gün sənə təslim olacaqdır bütün aləm! Məhv etməyəcək zatını minlərcə kəşakeş. Dəhr olsa cəhənnəm, səni məhv etməz o atəş. Qorxma, çıxamaz qarşına heç bir qara qüvvət, Bax arxana, yardımçıdır amalına zəhmət. Sə’y elə ki, qarşında gəlib diz çökə düşmən, Sə’yinlə bütün zəhməti birləşdirəcəksən. Mumlartək əzildikcə dəmirlər üzərində, Şimşək çaxıb atəş saçılar dövrbərində. Ancaq qaçıb alçalma! Yox alçaqlığa meydan, Baxsın sənə, altunlara alçalmasın insan. Dinc olmayacaqsan yeniləşməzsə bu dünya, Düşmən diridir, ol yeni bir hərbə müheyya. Sən kəndini qalib çıxar atəşlər içindən, Zəhmət dəxi öz çəbhəsini verməsin əldən. * * * Ararat dağı 1 Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim, Tufanların ninnisindən bəslənmişdir bədənim. Dalğaların qarşısında yorulmadan durardım, Dəhşətlərin üzərində bir gələcək qurardım. Ürəyimdə hücumların zərbəsindən var izlər, Sarsıtmazdı məni əsla dəhşət saçan dənizlər. Əzildikcə əzmim artdı, səbr etməkdən usandım, Ayaqlandım, onunla da qəflətimdən oyandım. Bir gün gəldi dəhşətimlə atəş saçdım hər yana Vulkanlarla zəfər çaldım, ibrət oldum insana. İldırım tək dağı yardım, dənizləri qurutdum, Sahillərə izlər açdım, məqsədimi yürütdüm. Alovlanıb suya qarşı atəşimlə partladım, Mətanətim yardım etdi, üfüqləri atladım. Bir mübariz kimi mən də dəhrə gərdim sinəmi, Mövclərin çənkəsindən dartıb aldım bir gəmi. O gəmidən hər tərəfə əsatirlər dağıtdım, Ondan «Yafəs» əfsanəsin dünyalara mən atdım. 2 Ətrafımda baş qaldırdı hökmdarlar, krallar, Əsrlərcə məni yenə dinc qoymadı o hallar. Feodallar yıxmamış yurd, yaxmamış kənd qoymadı, Bir-birini çeynəməkdən dərəbəylər doymadı. Hücumlardan evlər yandı, dinc ölkələr talandı, İnsan qanı tökdürənlər məmləkətlər qazandı. Qudurğanlar insan udub, qan üstündən keçərkən, Susamışlar su yerinə insan qanı içərkən, Mən yenə də o qanlara məhzun-məhzun baxardım, Üfüqlərə buz yağdıran soyuq ahlar taxardım. Ürəyimdən soyuq ahlar doğurarkən o qanlar, Buz yağdıran ahlarımla qalınlaşan dumanlar, Təpəm üstdə güllər açmaz, lalə bağrın dağlamaz, Daşlarımda bülbül uçmaz, qartal yuva bağlamaz, Göyərçinlər qanad çalıb qona bilməz sinəmə, Ur kəkliklər qayam üstdə edə bilməz zum-zuma, Ovçu gəzməz qarlarımda, çeyran çıxmaz başıma. Buz yurduyam, ildırımlar düşsə sönər daşıma. 3 Köçərilər vətəndaşım, ufaq dağlar yoldaşım, Quzuların nənnisidir hər bucağım, hər daşım, Döşlərimdə Bayazetdən axıb gələn sürülər, Calalinin yavruları əmcəkimdən süd əmər. Bitlis eli sübh çağılar başım üstdən keçəndə, Kürd qızının saçın darar bulağımdan içəndə. Daşlarımdan ötən zaman Baş qəl’ənin yelləri, Sünbül kimi qarışdırar hörülməmiş telləri. Maral gəlin at belində tərlan kimi süzəndə, Al çalmanın saçaqların qaş üstündə düzəndə. Alaçıqdan görünəntək kürd qızının şəlməsi, Eşidilir hər qayadan bir çobanın nəğməsi. Köçlə gəlir Xəlilkəndən, Sürməlidən, Makudan, Sağ-solumda Ermənistan, Əcəmistan, Naxçıvan, Yaylağımda el barınar, gül bədənlər bəslənir, Obaların arxasında kəkliklərim səslənir. Yay başa-baş qucağımda məhəbbətlər, sevgilər, Sevgilərim intihasız, eşqlərim bikədər. Təbiətin yaratdığı vəsməsiz qaş, al yanaq, Şe’rlərin məzmunudur bəzəksiz üz, gül dodaq. Çiçək qovluq, mina sırğa, pənbə bilək, ağ boyun, İlham verər şairlərə incə şimşad boy-buxun. Bir gün gəlsin üzərimdən müzləm duman çəkilsin, Araratın hər yanında qızıl güllər açılsın. Əfsanələr unudulsun, əsatirlər yox olsun, Xurafatın qəbri üstə yeni həyat qurulsun. * * * Mə’bəd Bir yığın daş kömülmüşdür torpaqların qoynunda Dün keçərkən həzin bir səs dinləyirdim mən onda. Dinlənirdi hər bucaqdan hiss edilməz bir səda, Hər səmtində birər rə’ya, hər daşında macəra. Üstü çökmüş bu mə’bədin divarları əzilmiş, Hər sınıq daş bir kitabə, hər xərabə bir keçmiş. Novdan düşmüş, qübbəsinin ot göyərmiş başında. Qaranquşlar yuva tutmuş divarında, daşında. Qabartmalar sınıb solmuş, pəncərələr tökülmüş, Minarəsi yeni nəslə səcdə üçün bükülmüş. Hər düşürüm bir uçurum, hər pilləkən bir dəhşət, Burdan kimlər düşüb-çıxmış? Bu sualdan al ibrət! Bir mə’bədin yoludurmu axıb uçan pilləkən? Qapısında quşlar oynar, göyərçinlər inildər. Parçalanmış qalın tağlar, əzilmişdir daş sütun, Mehrabından nişan varsa, mənbər yoxdur büsbütün. Mühitini çulğamışdır ağır, kəsif bir hava, Bacaların torpaq basmış, heç tərəfdən yox ziya. O yer daim qaranlıqdır: axşam, səhər, günorta. Şəbpərələr uçuşurlar rəvağında, tağında, Dilbər sütun daşlarında balalamış siçanlar, Torpağının üzərində iz buraxmış ilanlar. Mehrabında tısbağalar, qibləsində kirpilər, Səcdəkahda qırxayaqlar, həzin-həzin sürünər. Hər yanında asılmışkən əlvan qəndil bir zaman, Qəndil yerin baxıb gördüm hasarlamış toratan. Behişt üçün bir gün burdan aramışlar yol ancaq, İndi bunun hər tərəfi cəhənnəmdən bir bucaq. Çarpışmadan yorulanlar, cəmiyyətdən qaçanlar, Təbiətə allah deyib əlin göyə açanlar, Taleyinə düşmən deyən ixtiyarlar və gənclər, Həp bu yerdən istəmişdir qılsın özün bəxtiyar. Təbiəti anlamaqdan aciz qalan babalar, Fikr irişməz bir qüvvətə sapıb qılmış ah-zar. Həp burada dərdin demiş, zarıldamış, inləmiş, Ancaq onu allah deyil, daş sütunlar dinləmiş. Yalvarışlar hədər getmiş, dinlənməmiş bu səslər, Səqflərdə iz qaldırmış ancaq həzin nəfəslər. İlan gəzən bu torpaqda milyon başlar əyilmiş, «Müqəddəs yer» siçanlara orada yuva deyilmiş. Bu mə’bəddən heç bir məzlum istədiyin almamış, Heç kəs burdan düşməninə qələbələr çalmamış. Doyurmamış bir gün olsun saillərin qarnını, Mən’ etməmiş hərblərdə axan insan qanını. Burdan çıxmış şəhid sözü, burdan cahad doğulmuş, Burdan avam vətənçilər qan selində boğulmuş. Bu yer hər gün vədələrlə insanları aldatmış, Hər hüququ zalimlərin öhdəsinə buraxmış. İnsanları köləliyə öyrətmişdir bu yerlər, Ondan ötrü bu ibrətli yerə mə’bəd deyirlər. Dəvət etmiş hər kişini əsirlikə, qulluğa, Düşürmüşdür necə nəsli zillətə, yoxsulluğa. Heç kimsənin hiss etməmiş ayaqlanan ismətin, Bunun üçün qazanmışdır yeni nəslin nifrətin. Bacardıqca insanları sinfə bölmüş, ayırmış, Azad xalqın birin məhkum, birin hakim qayırmış. Artıq bu yer unudulsun, nəzərlərdən atılsın, Daş-daş üstə qalmayaraq torpaqlara qatılsın. Üstü açıq sütunlara bayquş qonub ulasın, Mədəniyyət məhv eyləsin cəhalətin yuvasın! * * * Xan sarayı Qafil bayquş, kimlər üçün inildərsən, ağlarsan? Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan? Ağlayırsan yayda, qışda, şad deyilsən baharda, Bir sofitək ömr edirsən cəmiyyətdən kənarda. Ziya saçan bir günəşdən zövq almamış gözlərin, Köhnə dövrün dastanların xatırladır sözlərin. Bir bayquşsan, sağlam duyğu yer tutmamış başında, Məskən tutdun ot bitməyən viranənin daşında. İnləyirsən, o inləyiş nə üçündür? Qafil sən, Bilmədinmi hansı sinfin mədfənidir o məskən? Hər uçuğun altında var min kölənin məqbəri, Hər parça daş bir fəqirin sinəsinin mərməri, Hər qırıq daş bir əsirin parçalanmış başıdır, Hər bir sütun bir məzarın unudulmaz daşıdır. Min talesiz kömülmüşdür hər bucaqda, hər tində, Onlar şəhid adlanırmış «vətən-millət» hərbində. Hər kərpici bir satılmış məsum qızın qəlbidir, Hər bacası ağzın açmış mazilərdən bəhs edir. Hər tağında min müsibət, hər daşında bir ələm, Orda əsir qadınlardan düzəlmişdi bir hərəm. O tağların mühitində min sevgilər məhv olmuş, Min gənc qızın istəyinə burda axır qoyulmuş. Daim burda hökm edirmiş şəhvət, dəhşət, əziyyət, Burdan ancaq gözlənirmiş bayquşlara bir ülfət. Hələ durur zindanlarda zəncir əzmiş sümüklər, Bir məhv olmuş fəqir nəslin tarixidir o mənzər. Cəlladların buraxdığı qanlı izlər itməmiş, Bina bitmiş, o buraxan xatirələr bitməmiş. Burdan çıxan odlu fərman yaxıb-yıxıb boğurdu, Məzlumların sırasından mübarizlər doğurdu. Mübarizlər zülmə qarşı kin bəslərdi, dinməzdi, Məhv olsa da inləməzdi, bayquşluğu bilməzdi. Bir gün idi, bütün millət bayquş kimi inlərdi, O səsləri bir istiqbal gözləyənlər dinlərdi. Yox deyildi zülmə qarşı intiqamlar bəsləyən, Kin daşıyan rəncbərlərdən gizlin yardım səsləyən. Mənfaların, ölüm saçan zindanların içindən Zülmə qarşı canlanırdı aman verməz bir düşmən. Əsirlərin kəlləsindən tikilmişdir bu bina, İndi artıq çevrilmişdir bayquşların yurduna. Bu gün onlar zülmü yıxıb qəti zəfər çaldılar, Bayquş gəzən yuvaları başqa şəklə saldılar. «Vətən-millət» cəbhələri ləğv edildi, məhv oldu, Yaşayışdan ötrü indi yeni bir yol qoyuldu. İndi gərək hər mübariz təbiətlə çarpışsın, Bayquşluğa yol verməsin, elmü fənnə yapışsın. Yeni dünya qurmaq üçün mübarizə etsinlər, Qəhrəmanlıq göstərsinlər, qələbəyə yetsinlər. Bayquşların səsi batsın, iniltilər qalmasın, Əzilmiş sinf bayquşların kim olduğun anlasın. Üfüqləri təmizləsin mənhus, mənfur səslərdən, Azad zəhmət ölkəsində dolanmasın bir düşmən. Ölkəmizdən uçub getsin, ulamasın bayquşlar, Yeni nəslin dünyasına yaddır bütün o quşlar. Xərabələr üzərində kaşanələr yüksəlsin, Hər məzlumun sinəsində bir tunc heykəl dikəlsin. * * * Diliçan yolunda I Yüksək təpələrin hakim bir çaya Sıldır qayaların hayıldır aya. Qoynunda doğulur ulduzun, ayın, İlantək qıvrılıb sürünür çayın. Bəslənir qoynunda sakin bir hava, Vərəmlər sağaldan həkimsiz dava. Dağların bürünmüş ipəkdən dona, Ağ bürüncək örtmüş yaşılbaş sona. Ayın şəfəqindən yanır məş’əlin, Hər çamın kölgəsi rəqsan bir gəlin. Yoxuşun meşədir, enişin çayır, Büsbütün varlığın çalıb-oynayır. Bir gəlin boyudur hər yaşıl çamın, Nəqşəni çox gözəl çəkib rəssamın. Maralın fınxırar, çeyranın mələr, Səhnəsən varındır əlvan pərdələr. Ovçular gəzməmiş keçilməz «dərən», Kino lentasıdır sahir mənzərən. Yaşıl tarlaların, sonsuz ormanın, Varlığın tanıdır Ermənistanın. Yarpaqlar dalından çıxan ulduzun, Gözün xatırladır mən görən qızın. Hər yanın bir yığın sünbül arxaçı, Uyumuş gəlinin dağınıq saçı. Baxışın bir ana, qucağın çəmən, Çiçəkdən çoçuğun, buluddan məmən. Quzular yüyürür sərin qoynuna, Yavrular qolunu salır boynuna. Baltalar dəyməmiş gənc ağacların, Turac oynağıdır gül yamaçların. Hər qarış torpağın bir çiçək kolu Şairlər ilhamı Diliçan yolu. II Kərəm körpüsü Dəyişmiş baxışın, həyatın, işin, Sənə çox uzaqdır yaxın keçmişin. Meşəndən kəsilmiş canavar səsi, İnqilabçı nəslin azad ölkəsi! Qaymaqlı döşlərin, südlü yaylağın, Ballı bulaqların, çeşməli dağın, Bağların almalıq, çaylağın söyüd, Qucağında məs’ud yavrular böyüt! Analar balasın tapşırır sənə, Diliçan yaylası, mehriban ana! Bir yanın Bayazid, bir yanın Qazax, Vəsfin tamam olmaz kitablar yazaq. Laylayın çağırır Ağmangal dağı, Ninnini oxuyur Göyçə yaylağı. Molla qayasından keçdiyim zaman Elə hiss etdim ki, dedilər «Dayan!» Dedilər başqadır bu yerin şahı, Kərəmdir buranın qadir allahı. Kərəm görməmişdir allahdan kömək, Ona nicat vermiş üsyan eləmək. Dövlət yardım etdi mülkədar bəyə, İstəyir Kərəmin dilin kəsməyə. Kərəm öz əzmindən bir qüvvət tapır, Zalimlərə qarşı bir üsyan yapır. «Kərəm bazarı»dır gördüyün dərə, Bax qurşun buraxan dərin izlərə, O izlər bir düşün nələr söyləyir?! Sənə bir üsyanın tarixin deyir. Kərəm körpüsünün hər iki yanı. Qazax ellərinin köçü, karvanı, İldə bir bu yerin suyundan içər, Üsyançı Kərəmi salamlar keçər. III Köç May girən kimi köçlər başlanır, Kəndlər buraxılır, yurdlar daşlanır. Örüşün buraxan, evin tərk edən, Əkinin biçməmiş yüklənib gedən, Arabasın çəkən, camışın qoşan, Yollarda başlanır «çoşan ha çoşan». Xəncərin bağlayan, atın nallayan, Toyuğun kişləyən, köpək yallıyan, Tüfəngin götürən, çəkməsin geyən, Öküzün çullayan, at yəhərliyən, Yaxdanın dolduran, yükün bağlayan, Keçəsin yamayan, çarxın yağlayan, Ələyin, xəlbirin, təhnəsin, tasın, Taxta tabağların, mis qazançasın, Asmış arabadan qavalın, tarın, Başına toplamış yoldaşın, yarın. Hər kəs qız-qadının çıxarmış yola, Boylu gəlinləri salmış qol-qola, Quzusun kişləyir Pirili qızı, Nimtənəsi əlvan, şalı qırmızı. «Ağ köynək» köçünün keçəsi sarı, İçində çalınır qavalı, tarı. Xatınlı qızının qızıldır işi, Onlarda iş görməz bir nəfər kişi. Hər kəsə rast gəldim Daş Salahlıdan Köroğlu çağıran, cıdır oynadan. Qədirli qızları oxuyur, çalır, Ayrımlı çobanın qərarın alır. Aslanbəyli qızı atıb yaşmağı, Gülabətin börkü, sarı başmağı. Şıxlı köçləridir bütün yol boyu, Qarabəsənlinin yoldadır toyu. Alpalaslı köçlər çilovdarlıdır, Musaköylü bütün bəydir, varlıdır. Çaylı köçləridir çayların başı, Qadınlar bürünüb, görünür qaşı. Yalnız qadın gördüm Səmədbəylidən «Meydan» döşlərinə dırmanıb gedən. Daşkəsəmənli qız oxuyur, gülür, Qaynanası yatır, əri mürkülür. Dəmirçi çıldırmış camışın döyür, Uşağa çımxırır, qadının söyür. Öküzlülər geymiş şirvani çarıx, Kahlı çuxaları, döşlü arxalıq. Hər biri bir çomaq götürmüş ələ, Qarapapaqlılar köhnədir hələ. «Kəmərlər» bulaşmış toza, torpağa, Arıx camışların qaldırır dağa. Əskiparalının çoxdur zəhməti, Bütün ayaqyalın köçü-külfəti. Kosalardan çıxan qocadır, qarı, Qırışmış boynunda şəddə mirvarı. Örkəməzli gəlin gözlərin süzür, Çinaylı qarısı dodağın büzür. Albaut qızları yüksəlir dağa, Çəbkəni qumaşdan, tumanı xara. Qaymaqlı köçüdür, Diliçan çalı, Quzusundan artıq çoçuğun sayı. Duzqışlaq xalqının işi mə’rəkə, Adam istər onun söyüşün çəkə. Çırdaxan kişisi yatır xan kimi, Qadını yamanlar tərs baxan kimi. Bir qayanın dibin tutar hər biri Yoxdur köçərinin müəyyən yeri. Bilməz əkin əkmək, bilməz işləmək, Peşəsi dağlarda qoyun kişləmək. Mədəni bir həyat qurmaq istəməz, Ölüb məhv olsa da yoruldum deməz. Onun vətənidir gündə bir qapı, Camış belindədir bütün yük-yapı. Ac qalar bir toxum salmaz torpağa, May gəlcək ağzını çevirər dağa. Oturax həyatın dadın anlamaz, Köçmə desən sənə eylər e’tiraz. Dağlarda doğulur, dağlarda ölür, Köçəri həyatı belə ölçülür. IV Fəqir köçlər Varlı köçlərindən yazdıq bir kərə, İndi gəl baxalım fəqir köçlərə. Var-yox bir cüt öküz, dörd arıq qoyun, Qonşudan borc almış bir dağarcıq un. Arabası sınıq, öküz də arıq, Piyada getməyə tapmamış çarıq. Yağış şiddətlənir, gecələr damır, Təbiət ac bilmir, fəqir anlamır. Çamıra quylanmış hərlənməz təkər, Öküzləri döyər, «ya Əli» çəkər. Nə qüvvətli qolu, nə qızğın gəli, Yolun ortasında çəkər «ya Əli». Bütün müqəddəslər gəlir ortaya, Ancaq körpü çəkməz o çoşqun çaya. Kəndli verər artıq qoyunun selə, Dalı qalar köçdən, yetişməz elə. Ağırlığın tökər, öküzün satar, Arabasın yaxar, təkərin atar. Ər-arvad çoçuğun atar dalına, Tuman-köynəyini bağlar şalına, Qayıdar arana yeni yolçular Əski komasından bir nicat duyar. Köçəri xalqların belədir işi, Hər il fəqirləşir bir neçə kişi. Gəzəcək çayların başın birbəbir Hər yerdə görərsən iki-üç qəbir. * * * == Satirik şe’rlər == «Kefsiz»ə nəzirə Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın, Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın. Heyvandan əzəl yağlıca buryanı yaratdın, Ondan sora da dadlı fisinçanı yaratdın, Aşı, cilovu, bozbaşı, dolmanı yaratdın, Bozqorma ilə küftəni, şorbanı yaratdın, Xər mə’müni, biəql müsəlmanı yaratdın, Bir hikməti var məscidi, ehsanı yaratdın, Ancaq nə səbəb oldu ki, mollanı yaratdın? Varsa yer üzündə neçə məzhəb, neçə millət, Hər firqəyə təqsim elədin bir neçə ne’mət, Qoydun belə təqsimdə insanlara minnət, Heyfa ki, bütün müftəxor oldu bizə qismət, Mollalaramı ruzi yaranmışdı bu ümmət? Kəşf olmayacaq bizlərə bu qəmli həqiqət? Çox yaxşı, sözüm yox, var imiş bunda bir hikmət, Aya, niyə bəs bir bu qədər canı yaratdın? Ancaq nə səbəb oldu ki, mollanı yaratdın? Təzvirə girən qırmızı saqqalları, rəbba! Mən anlamam insan yaradıbsanmı, həyula? Biməğzdür, aludeyi-bid’ətdi sərupa, İnsaf idi min rənc ilə kəsb eyləsin aya? Gün qarşısı, qar altı da olsa yata, amma, İnsanlığını qanmaya, maltək çəkə xorna, Düşdükcə qazandıqlarını əxz edə molla? Ağbaşlara eşşəkmi müsəlmanı yaratdın? Ancaq nə səbəb oldu ki, mollanı yaratdın? Hər gün verilir yağə müsəlman pulu kuya, Kim etməli imiş yağımız nimçəni əsqa, Xan-bəy buyura, sail ola əhli-tamaşa, Bir yanda tənavvul eliyə həzrəti-molla, Dərviş-dilənçi, hamı biruh-müqəvva, Daş olsa ürək tab eləməz bu işə haşa, Ey mollanı ağbaş yaradan xaliqi-yekta, Cib kəsmək üçünmü bu qədər canı yaratdın? Bilməm nə səbəb oldu ki, mollanı yaratdın? * * * İnsan yaradıbsan Ya rəb, sənə min şükr ki, insan yaradıbsan! İnsanları, rəbba, əcəb əlvan yaradıbsan! Məxluqini həp qabili-ürfan yaradıbsan, Heyfa ki, müsəlmanı yalandan yaradıbsan, Qırxıx başı xilqətdə pərişan yaradıbsan. İnsan kimi hər millət edir kəsbi-məişət, Əğyarə tamaşaçı yaranmışla bu millət? Səhrayi-zəlalətdə çəkən bari-məlalət, Həqqa ki, bizi quli-biyaban yaradıbsan, Surətdə bəşər, mə’nidə heyvan yaradıbsan. Xəlq eyləmisən əsrdə bir bunca ki, «dama», Hər yana baxırsan doludur Varvara, Manya, Ninalara islam ola dildadeyi-sevda, Qəm çəkməyəmi Töhfə, Tükəzban yaradıbsan? Bostanamı Saranı nikəhban yaradıbsan? Quçsun kişisi hər gecə bir sərvi-xuraman, Biçarə əyalı qala ac, xanədə giryan, Çılpaq gəzə, evsiz qala, risvay ola nisvan, Rəngi saralan surəti-bican yaradıbsan? Nisvana cahan mülkünü zindan yaradıbsan? * * * Ramazan münasibəti ilə Gəlcək ramazan tazələnir köhnə şəriət, Ağzın qapayıb millət alır və’dəyi-cənnət, Vaiz pul alır, huri olur baqqala övrət, Bəh-bəh, belə din, boylə şəriət, belə qeyrət! Məşdi papiros çəkməmiş, əzbəs ki, səhərdən, Əf-əf səsi əflakə uruc etdi şəhərdən, Qəssab ilə baqqal ki, görür yolçunu hərdən, Bığları dönür tərsə, çıxır xətti-təhərdən. Hər yerdə fisincan qoxusu, məclisi-ehsan, Bol süfrələrin ne’məti əlvanu füravan, Hər yan eşidilməkdə ikən ayəyi-qur’an, Ancaq eşidilməz yenə fəryadi-yetiman. * * * Ramazan, Novruz və Məhərrəm Hər rəngə desən girməyə amadəyik, əl’an, Üç rəngə girər ildə bu qayilçə müsəlman: Novruzu piyan, bir ay oruc, bir ay əzaxan, Başqa işə, ən doğrusu, qafil yaranıbdır, Baş yarmağa, aç qalmağa qabil yaranıbdır. Allaha dönər hər gecə mahi-ramazanda, Əyyami-məhərrəm quzutək ahu fəğanda, Düşsə üsəra əllərinə leyk dukanda, Onları da lüt qoymağa mail yaranıbdır, Yox çarə, fəqət bu işə qabil yaranıbdır. Novruzi-səfa, mahi-əza, vəqti-müsibət, Mahi-ramazanın özü də bizlərə ne’mət, Dukandakı qarət də ki, bir kəsbi-məişət, Bu dörd işə mö’min kişi amil yaranıbdır, Elmi bu qədərdir, buna qabil yaranıbdır. * * * A molla Çıxdı ramazan, çıxdı sənin canın, a molla, Başlandı sənin şami-qəribanın, a molla. Gül başına, ağla, qapanır məclisi-ehsan, Getdi işinə bəxti, günü qarə müsəlman; Pulların alıb, vermiş idin və’dəyi-rizvan, Getdi, yenə qaldı sənə rizvanın, a molla, Söylə, nə girib kisəsinə anın, a molla? Mən bilmirəm axır necə bir yerdi bu cənnət, Olmuş sizə yaramarka kimi cayi-ticarət? Huriləri verdin hələ mö’minlərə övrət, Bəs söylə nə lazımdı bu qılmanın, a molla? Əqli irişirmi bura insanın, a molla? Çıxdı əliniz bir neçə ay yağlı pulovdan, Qəm çəkmə, əyər düşdüsə işdən bu dəyirman, Olmaz sənə siğə daha nisvani-müsəlman, Düşməz toruna Fatma, Tükəzbanın, a molla, Qalsın özünə hərzəvü-hədyanın, a molla. Bu ayda şikəm mülkünü tə’mirə çalışdın, Mö’minləri hər ləhzədə təqdirə çalışdın, Pul vermiyəni hər gecə təkfirə çalışdın, Sordun zəli tək sən hamının qanın, a molla, Aldın canını xəstə müsəlmanın, a molla. * * * Məhərrəmdə atanın oğluna vəsiyyəti Zəncirini hazırla, oğul, durma, dayanma, Yar başını, vur sinənə, insanlığı qanma. Vur başına, tək göz yaşı, ürfanə nə hacət, Qalmış babamızdan bizə bu sevgili adət, Bu mətləbə şəkk eyləyənin zatına lə’nət, Cəhd eylə cəhənnəmdə, əzizim, oda yanma, Hər nə bacarırsan elə, vur başa, yubanma. Meymun kimi şıllaqla, qoy aləm sənə gülsün, Baxsın sənə qızlar, adına təbl vurulsun, Hər küçədə, cəhd eylə, şəbihxanə qurulsun, Bu mətləbi hərgiz quru bir məs’ələ sanma, Kafir sözünə uyma, boş əfkarə bulanma. * * * Bir söylə görüm... Bir söylə görüm məktəbi-irfan nəyə lazım? Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım? Millətdə nə lazım, de görüm, fənni-sənaət, Şeytan əməlin bilsə atar dini cəmaət, Get bağla həna xəttinə həmmamdə rahət, Xəttində həna olmasa insan nəyə lazım? Saqqalı qızarmazsa müsəlman nəyə lazım? Məktəb nədi, qoy seyri-səfa eyləsin oğlun, Vel-vel dolanıb, nəşvü nüma eyləsin oğlun, Düşdükcə yeri səfki-dima eyləsin oğlun, Ayda çocuğun etməsə bir qan, nəyə lazım? Asudə yeri olmasa zindan, nəyə lazım? Xaliq sənə bəxş eyləsə hər bir qız əyali, Qoyma onu təhsili-ədəbdən ola hali, Cəhd et, özünə kəsb eləmə vizrü vəbali Nisvanda ədəb, məktəbi-nisvan nəyə lazım? Biçarə qadın olmasa heyvan, nəyə lazım? Övladına tə’lim elə qızlıqdan əsarət, Tab etsin ərindən nə qədər çəksə həqarət, Çal başına çıxsın gözü ta eyləsin adət, Qız taifəsi xürrəmü xəndan nəyə lazım? Məzlumə qızın olmasa giryan nəyə lazım? Arvad odu ki, ömr edə zindan arasında, Tutsa qəzəbin tapda özün də, balasın da, Söy taifəsin də, atasın da, anasın da, Vur ağzına düşsün yerə dəndan, nəyə lazım? Yol zülfünü, ol zülfi-pərişan nəyə lazım! * * * Köhnə dünyanın şirləri Səd şükr ki, biz ziynəti-tarixi-cahanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Bir künci fərağətdə yatıb naz ilə rahət, Daim qılarız şöhrəti-tarixə kifayət, Axırda dirildər bizi ol əski səlabət, Yatmaqla cahan əhlinə biz lərzərəsanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Tərpənmə yerindən, hərəkət etsə də aləm, Laylayları məsciddə gedib dinlə dəmadəm, Məşhər günü görsə üzünü həzrəti-Adəm, Görsün bizi Həvva necə doğmuşsa hamanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Bu əsri-xətərnakdə cəhd elə fəqir ol, At şöhrəti, namusu, ayağlan da həqir ol, Salsınlar qapaz başına ol qədri kəsir ol, Tab eyləriz hər zillətü təhqirə, cavanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Açma gözünü, ləfzi-siyasət nədi qanma! Hər kəs desə sən məhv olacaqsan, heç inanma! Laqeyd dolan dəhrdə heç fikrə bulanma! Fikr etmə acız, cümləmiz aludeyi-nanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! Məktəb adını çəksələr hər yerdə, oturma! Tik gözlərini vaizə, kiprik belə vurma! Molla evi olsun yerin, öldürsələr durma! Zira buradan azimi-gülzari-cinanız, Səhrayi-səlabətdə gəzən şiri-jəyanız! * * * Bir nəfər adam öldürənin ziyarəti münasibəti ilə Məşdi keçən il əzmi-Xorasan eləmişdi, Xalqı bu gözəl karına heyran eləmişdi. Saldıqda yola məşdini söylərdi camaət, Xaliq nə əcəb etdi bu xoşbaxtı hidayət? Əhsən, kişi oğlu eləmiş əzmi ziyarət, Pasportun alıb niyyətin İran eləmişdi. Şad oldu bu ə’malına ərvahi-güzəştə, Şən’ü-şərəfü feyz ilə yol tapdı behiştə, Cənnətdə quçur hər biri bir nazlı fəriştə, Xidmətçilərin hurivu-qılman eləmişdi. Həmməsləki, həmfikri idi əhli-nifağın, Bir çoxlarının yıxdılar zülm ilə tifağın, Doldurmuş idi xuni-fəğiranla çanağın. Hərdən yanılıb bir iki də qan eləmişdi. Meyxanədə nuş eylər idi badeyi-səhba, İsqandalına eylər idi xalq tamaşa, Bir şir idi, xof etməz idi şirdən əsla, Bə’zən də içib şəhrdə tufan eləmişdi. Bir çoxlarını hali-təbah eylədi məşdi, Yıxdı evini, xanə-xarab eylədi məşdi, Əfv etdi xuda hər nə günah eylədi məşdi, Çıxdı yadımızdan nə ki, üsyan eləmişdi. * * * Gap Birdən-birə dünyaya böyük ğülğülə düşdü, Bu ğülğülədən ali-Roman müşkülə düşdü. İnsafına, vicdanına «lə’nət» bu cahanın, Yıxdı evini zülm ilə övladi-Romanın, Yummuşdular üç yüz sənə ağzın füqəranın, İmdisə bu iş bəs necə dildən-dilə düşdü, Övladi-Roman bax necə bir müşkülə düşdü! Rusiyyədə üç yüz sənə bir amiri-mütləq, Birdən-birə başı gicəlib vurdu məəllaq, İnsaf idi, ayə, pozula bir belə rövnəq?! Hürriyyət olub da «dayımız» əngələ düşdü, Bilməm bu nasıl atəş imiş məş’ələ düşdü?! Saxlardı məhəbbətlə bizi əski hökumət, Doxsan sənə qoymuşdu əsarət bizi rahət, Viranlığı cahililə sanırdıq mədəniyyət, Heyvan kimi əfsarimiz əldən-ələ düşdü, Çarə nədi, keçmişdə bizimki belə düşdü! Bir parça havavü həvəs olmuşdu hökumət, Şeytanlar ilə həmnəfəs olmuşdu hökumət, Zalimlərə imdadrəs olmuşdu hökumət, Axırda palan əydi, dalından şələ düşdü, Məhv oldu, bizimtək evinə vəlvələ düşdü. Əlhəqq bu hökumət bizi tə’zim eləyirdi, Dinsizliyi, dilsizliyi tə’lim eləyirdi, Həqqin verərək hər kəsi təkrim eləyirdi, İmdisə nədən bəs başımız cəncələ düşdü? Can verdi hökumət sürüşüb məzbələ düşdü?! * * * Məktəb nəyə lazım? Bica söz imiş məktəbi-irfan, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. On bir sənə mən eyləmədim ömrümü zaye, Asudə gəzib kəsb elədim fənni-sənaye, Ariflikimə eylədim insanları qane, Sərf etməmişəm bu iş üçün can, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Bir söylə nə lazım sənə bu fənn, bu sənət, Daim çalışıb verməlisən əyninə zinət, Qoysun «ürəfa» qismi gərək bığlara qiymət, Bığlardı qoyan düşməni heyran, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Hər öz adını yazmağa olmazsa savadın, Çək bığları, qorxma «ürəfa»dır yenə adın, Sən dəhrdə dadın ki, bilirsən iki zadın, Məktəb qutarıb olmusan insan, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Arifliyin hər şərtini qan, eyləmə nöqsan, Heç firqəyə yan vermə, özün olma da insan, Olsun gərək aləmdə proqram sənə qur’an, Ol əsrdə bir tazə müsəlman, səni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. Hər kəs nə deyir qoy deyə, sən boşlama karın. Fikrində məbada olasan qeyrətü arın, Var hər əməlin, qaldı fəqət birçə qumarın, Aylarca qumarxanada ver can, məni tari, Bifaidədir dərsi-dəbistan, məni tari. * * * Olursa! Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti: Vətəndaşlar! Açma gözünü, yüz belə hürriyyət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Bir söylə, nə lazım sənə hürriyyəti-vicdan, Hürriyyəti-vicdan ilə tökməkmi olur qan? Xof etmə halaldır sənə ol xuni-müsəlman, Əqrəb kimi vur nişini hər millət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Hürriyyət ikən zülmdə tüğyan elə, qorxma! Məzlumu əzib hali-pərişan elə, qorxma! Dutsa qəzəbin bir-iki də qan elə, qorxma! Var ləzzəti bir az kişi biqeyrət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Azadəliki sevmə, camaatla uyuşma, Hər ləhzə mücərrəd yaşa, millətlə uyuşma, Cahilliyi sev, məktəbi-sən’ətlə uyuşma, Haşa bu müsəlmanda əgər sən’ət olursa! Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Rəhm eyləmə, zira ki, vəfasızdı camaat, Gördük Nikolaya necə endirdilər zərbət, Bir bax, necə gör can veriyor əski hökumət, Dünyanı yıxar xalqda əgər taqət olursa, Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! Bəy-xanə nə lazım, de görüm, ləfzi-müsavat? Bəysən yeyib-iç, işləmə, rahatca uzan yat, Yoldan çıxarar milləti axırda bu adət, Hürriyyət işi xalqda əgər adət olursa. Yat, yat, maralım, yat, nə qədər fürsət olursa! * * * Ağbaşlar içtimainin qətnaməsi Şükr-lillah almışıq hürriyyəti bundan sora, Saxlamaq bu əski ruhaniyyəti bundan sora. Söyləyək məclisdə cahil xalqa yüz min səfsətə, Azdıraq, yoldan çıxardaq milləti bundan sora. Öskürək, hay-küy salaq, təqrirə meydan verməyək, Açsa hürriyyətdən hər kim söhbəti, bundan sora. Məclisi ürfanda olmaq şanlı hürriyyətpərəst, Məscidü minbərdə qoymaq bid’əti, bundan sora. Mollanın tənbəl yeyib-yatmaq yaranmış şanına, Ölsə də atmaz keçən xasiyyəti bundan sora. Mə’niyi-qur’anı bilməz, anlamaz heç bir sözü, Alim olsun cahil etsin ümməti bundan sora. And içib qur’ana yüz min dəfə sadiq qalmasın, Etməsin islamə doğru xidməti, bundan sora. Bax bu cahil xəlqə istər molladan hürriyyəti, Tazə qılmaq istər əski xilqəti bundan sora. Beldəki şal on bir arşin, başdakı əmmamənin On iki batman gərəkdir siqləti, bundan sora. Oldu hürriyyət, hər ayda altı arvad al boşa, Sal kəməndə gündə bir dul arvadı bundan sora. Qit’ə-qit’ə sat müsəlmana behiştin bağların, Pulların al, boynuna qoy minnəti, bundan sora. Məclisi ehsanidə əks-həmləmizlə bəl edək. Küftəni, şorbanı, bozbaşı, əti, bundan sora. Ağbaşın şənindən yüz il yazsa da Hərdəmxəyal, Ağbaş, Ağbaşdır, dəyişməz hey’əti bundan sora. * * * İran Astarası və Azərbaycan Astarası Ortadan bir çay keçir, olmuş iki yan Astara, Bir yan Azərbaycan, bir səmti İran, Astara. Bir tərəfdə sazlamış Mirzə Ələkbər aşiyan, Hər yerə baxsan, görərsən əski dünyadan nişan, Hər tərəf əmmamə, hər yan molla, hər yan növhəxan, Hər tərəfdə tə’ziyə, hər yerdə əfğan, Astara, Hər tərəfdə arizuyi-vəsli-qılman, Astara. Bir tərəfdə qız-qadın yetməkdə azadiyyətə, Bir tərəfdə Şahnisə pabəstə və’di-cənnətə, Bir tərəfdə səhnələr isbat ikən hürriyyətə, Bir tərəfdə matəmi-şahi-şəhidan, Astara, Gündüz aşura, gecə şami-qəriban, Astara. Xoş tərənnümsaz ikən, bir yanda internasyonal, Bir tərəfdə hilə, təzviru riya, vizrü vəbal, Şahsevən, karvan vuran Mirzə Ələkbər qilü-qal, Gündə bir qarət, xəsarət, gündə bir qan, Astara, Gündə mö’cüz, gündə bir təqlid, bürhan, Astara. Bir tərəfdə oğru-əyri Kərbəla zəvvarıdır, Hər tərəfdə siğə, müt’ə, qız-qadın bazarıdır, Hər tərəfdə birja, hər kəs axirət tüccarıdır, Dinə ambar, məzhəbi-imana dükkan, Astara, Hər tərəfdə molla, xan, sərtibü ə’yan, Astara. Bir tərəfdə məktəbi-təhsili-ürfan parlayır, Bir tərəfdə Kərbəla çavuşu tez-tez çarlayır, Çoxlu dərvişü dilənçi, yolçu zar-zar zarlayır, Kor-keçəl dünyası mə’vayi-yetiman, Astara, Hər tərəf çılpaq, tumançaq, xanəviran, Astara. * * * Tə’ziyə günlərində Səsi artdıqca əza günləri fəryadımızın, Sayı cənnətdə çoxalmaqdadır arvadımızın: Döşəsin xəncəri məxluq keçəl başlarına, Xuni-məqbulu axıtsınla Bakı daşlarına, Hacı qılman diləsin tökdüyü göz yaşlarına, Belədir tövsiyəsi bizlərə ustadımızın. Günbəgün rövnəqə düşsün bu əza məs’ələsi, Şəhri titrətsin əza günləri şeypur səsi, Mövhumat əhli çığırsın gecə batsın nəfəsi, Olmasın qeyrəti bu naxələf övladımızın. Toplayaq bir yerə beş-altıca tüksüz balalar, Hərəsi başına bir qırmızı mə’cər salalar, Məşhədilər baxaraq onlara min həzz alalar, Qüssəsi bəlkə dağılsın dili-naşadımızın. * * * Əvvəl və indi Əvvəl kəbin kəsərdi bir kəllə qəndə molla, Gündə nikah oxurdu dörd-beş həpəndə molla. Qızıl pullar cibində, vardı evində hər zad, Batində əlli siğə, zahirdə dördcə arvad, Qanmazdı xalq, edərdi hər gün bir hoqqa icad, Pul qoymamışdı artıq, əhli-vətəndə molla, Usta Şə’ban xoruldar və’z eləyəndə molla. Əvvəl gələndə kəndə, xalq eyləyərdi pişvaz, Kəklik plov gələndə, həzrət qılardı min naz, Molla görəndə indi, hazırlanır xakəndaz, Hay-küy salar görənlər kəndə girəndə molla, Seylərlə: — qoyma gəldi, — hardan keçəndə molla, Də’vət edən tapılmaz hər gün nahara, şamə, Moddan çıxıb əbamız, işdən düşüb əmmamə, Evdə gecə düzərdim, arvadları nizamə, İndi gülür camaat, vək-vək deyəndə molla, Gündə nikah oxurdu, dörd-beş həpəndə molla. Artdıqca elmü ürfan, dindən çıxır müsəlman, Erkəkləri cəhənnəm, nadanlaşıbdı nisvan, Çıxcaq jenatdel, olmuş ovqatımız pərişan, Qoymaz ki, fürsət etsin, təzvirü fəndə molla, Kəssin kəbin əqəllən, dörd-beş həpəndə molla. * * * «Molla Nəsrəddin» təyyarəsi İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər, İşləyib öz başımı saxlamışam bircə təhər, Gündə bir evdə gedib eyləmişəm şamu səhər, Fal açıb söyləmişəm «bəndi-zəban», Molla dayı, Olmuşam məhrəmi-əsrari-cahan, Molla dayı. Harda toy varsa gərək mən bişirəm aşlarını, Kim ərə getsə, mən allam gəlinin qaşlarını, Silərəm, hər kim əza saxlasa, göz yaşlarını, Səsinə səs verərəm etsə fəğan, Molla dayı, Tə’ziyə sahibitək sinəzənan, Molla dayı. Küçədən hər yerə qız köçsə, özüm yenkəsiyəm, Toyda xəl’ət, yasda isə ölü paltarı geyəm, Hər məhərrəmdə varımdır nəzirim, növhə deyəm, Çalalar namıma təblü baraban, Molla dayı, Qalmışam indi bir işdən nigəran, Molla dayı. Yığmışam bir neçə yüz tazə manat müxtəsəri, Vacib olmuş mənə axırda Xorasan səfəri, Hər işim hazır idi, qalmış idi bircə əri. Onu da tapmışam axırda, inan, Molla dayı, Daha durma gəl uçağ indi, aman, Molla dayı! * * * Mollanın fırıldaqları Ramazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla, Keçən ilki macəranı edər indi taza molla. Gözün aydın, ay müsəlman, tapılıb yeni səriştə, Kimə lazım olsa, gəlsin bilet almağa behiştə. Yaradıb cənab molla neçə min gözəl fəriştə Satacağdı hürü eyni biri bir piyaza molla, Keçən ilki macəranı edir indi taza molla. Ramazan üçün olubdur elə bir dualar icad, Olacaq fərizə: mö’min üçün altı-yeddi arvad. Bala qızları alanda deməsin hökumət heç zad. Bu cür işlərə həmişə verəcək icazə molla, Keçən ilki macəranı edir indi taza molla. * * * «Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavab Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı! Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı! Hər tərəfdən gətirirlər Bakıya xəstələri, Diz çökür gündə hüzurunda qadın dəstələri, Döşəkin altı qızıl, yanları «bon» bəstələri, Nəzr alıb vermədədir xeyir-dua, Məsmə bacı, Tökülür başına hər gün nücəba, Məsmə bacı! Uşağı tərsinə gəlmişdi dayım arvadının, Dadü fəryadı uçalmışdı zavallı qadının, Canımız qəbrinə qurban ağanın əcdadının, Qarnına sürtdü əlin, verdi şəfa, Məsmə bacı, Ağa bir künlükə də oldu «mama», Məsmə bacı! Olmamışdı uşağı on sənə bacım qızının, İşi mə’cun yemək oldu Nisənin baldızının, Kişisi lap qocalıb taqəti getdi dizinin, Azca qalmışdı gedib arvad ala, Məsmə bacı, Axırı qıldı ağa bir qız əta, Məsmə bacı. Gəl ziyarət elə sən də Bakı peyğəmbərini, Çəkiyor külnisələr çeşminə xaki dərini, Üzaçığ zalxaçığazlar da öpür əllərini, Kişilərdən də nə çoxdur ürəfa, Məsmə bacı! Hərəkətsiz ətə olmuşla fəda, Məsmə bacı. Külqədəm də ərinin şişəyə dutmuş qanını, Nəzr üçün gizlicə satmışdı Sona yorğanını, Nəzr edib doldura Naznaz ağanın qəlyanını, Masaj eylər bədənin Güllü xala, Məsmə bacı, Gülpəri istədi qulluqçu qala, Məsmə bacı. Bürümüş doğmayan arvadlar onun hər tərəfin, Keçən il ağzına bir dəfə tüpürmüş Şərəfin, O kəramətlə doğub bircə dənə xoş xələfin, Sənəmə və’də verib bircə bala, Məsmə bacı, Neçəsi istər ona siğə ola, Məsmə bacı. * * * Şiələr Yetişib mahi-əzası şiənin, Təzələndi yenə yası şiənin. Düzəlib çoxlu busati-tə’ziyə, Küçədə, damda, bazarda mərsiyə, Mələşir mal kimi bilmirəm niyə, Özü, arvadı, balası şiənin, Təzələndi yenə yası şiənin. Yeməyə olmasa evdə şorbası, Kəza sailtək əlində torbası, Olmasa içməyə su sınıq tası, Yenə də var bu ədası şiənin, Təzələndi yenə yası şiənin. Küçədə oğlu tumançaq ağlasa, Körpəsi əppək üçün sızıldasa, Xəstəyə olmasa aşı bir kasa, Gözünün yaşı dəvası şiənin, Təzələndi yenə yası şiənin. Unudub Kərbibəla işin ərəb, Şiələr oldu bu işdə dov-tələb, Döşəyib başa qapazı bisəbəb, Çırılır ildə yaxası şiənin, Təzələndi yenə yası şiənin. * * * Mö’minlərə Qibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə, Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə. Malımı, nisvanımı, te’dadə tapmazdım macal, Hər nə etsəydim camaat başlamazdı qilü qal, Çünki şər’ən eyləmişdik millətin irzin halal, Müxtəsər erkək-dişi olmuşduq ər mö’minlərə. Hər nə hiylə varsa təzvirimlə çəkdim qəlibə, Ayə, təfsir ilə soydum xalqı, doldurdum cibə, Bəndəmiz olmuşdu islam aləmi başdan dibə, Toplanıb asudə çəkmişdik təbər mö’minlərə. Fikr edib hazırlamışdıq ayda dörd-beş mö’cüzə, Hər nə etsəydik müsəlman şək gətirməzdi bizə, On gün əqdəm mətləbi açdım evimdə bir qıza, Hansı dinsiz bilmirəm verdi xəbər mö’minlərə. Bihəyalar toplanıb salmış böyük bir mərəkə, İstəyirlər aləmi-islamı bədnam etməyə, Boş yerə övladi-peyğəmbər düşüb çəkhaçəkə, Eybdir, vallahi, bu iş mötəbər mö’minlərə. Məndə yox təqsir, islam üzrə bid’ət beylədir, Kim nə etsin, dinimiz belə, şəriət beylədir, Din belə, molla belə, hikmət, təbiət beylədir, İş belə olduqda yoxdur bir zərər mö’minlərə. * * * Xanbacı Xanbacı, bu kişilər bizdə həya qoymadılar, Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar. İndi də tə’nə vurur yastı daban başmağıma, Kişidə bir üzə bax, eyb tutur yaşmağıma, Kişi görcək bürünüb baş götürüb qaçmağıma, Bizdə bunlar daha ayinu əda qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Gətirib yubka, deyir at bayıra nimtənəni, Burnunu gizləmə, örtmə kişi görcək çənəni, Atana «papa» xitab et, «mama» səslə nənəni, Ağzı, burnu qapalı Fatmanisə qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Deyir at çarşabı, qondar başına bircə səbət, Başaçıq bulvara çıx, ta ki, kəsilsin bərəkət, Haradan başlarına düşdü bu dinsiz hərəkət? Qudurub köhnə qiyafətdə səfa qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Söyləyir get teatrlarda otur, ol mədəni, Qorxma, qırpınma əgər yad kişilər görsə səni, Tufli geyməkliyə də razı olub Şeyx Qəni, Azdırıb xalqı yolundan üləma, qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Dün üzü qarə ərim küçədə girdi qoluma, Bilmədim heç necə getdim küçədə öz yoluma, Bir bölük yad kişi, baxmaqda idi sağ-soluma, O qədər baxdılar gözlərdə ziya qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. Utanıb bir neçə yol yenkimi tutdum üzümə, Hey dedim, — gəl qayıdaq, — baxmadı nadan sözümə, Bir nəfər qırmızısaqqal soxulurdu gözümə, Küçədə almağa ləzzətlə hava qoymadılar, Xanbacı, bizdə bular, arü həya qoymadılar. * * * Bizim qız Bilməm nə görüb məktəbi-irfanda bizim qız, Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız? Dəftər, tetrat, ruçkası, çantası, cihazı, Üstüldə duran kartası, atlası, namazı, Beynəlmiləlin nəğməsidir razü niyazı, Namusi-həya qoymadı nisvanda bizim qız. Etməz dəli qız dinə əməl, şeyxə sitayiş, Çıldırmışam etməz daha tə’bim buna saziş, Bayramda çıxıb qıldı sokaklarda nümayiş, Bayraq götürüb küçədə, meydanda bizim qız. On bir yaşına varmış ikən başı dumanlı, Vermişdim ərə batmışı, olmuşdu nişanlı, Salmışdım ələ varlı, gözəl bir dəliqanlı, Bilməm nə görüb küsdü bu oğlanda bizim qız. Söylər mənə gər eyləməsəm dərsimi təkmil, Girməz başıma ər sözü gər bitməsə təhsil, Ölsəm də deyir eyləmərəm dərsimi tə’til, Bid’ət qoyacağdır bu müsəlmanda bizim qız. Məktəbsiz ikən bir qız idi çox da müəddəb, Nadan bu qızın korlamış əxlaqını məktəb, Baxmaz sözümə, dinsiz olub cəhlə- mürəkkəb, Söylər ərə mən getmərəm, hər yanda bizim qız. Fikrində qoyub dərsdə, məktəbdə qocalsın, Zülfü ağarınca ata boynundamı qalsın? Oğlan da gəlib təngə gedib ayrı qız alsın? Qalsın boşa bir guşeyi-pünhanda bizim qız, Namusi-həya qoymadı nisvanda bizim qız. * * * Bizim arvad Evdən çölə çıxmazdı əzəldən bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Söyseydim əgər min kərə çıxmazdı sözümdən, Əzseydim əgər başını qaçmazdı gözümdən, Baxmaz sözümə lap çıxaram həşri özümdən, Qoymaz bu həyasızlığın əldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Zalım qızının fikri savet, zikri jenotdel, Yoldaşı kitab, yarı kağız, həmdəmi çernil, Yazmaq, oxumaq, məktəb olub hər işi vel-vel, Öyrəndi bunu hansı dəcəldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Naqis qızı imanın atıb etməyir insaf, Söylər aparıb zəhləmi bu zəhrli çarşaf, Bilməm bunu yoldan çıxarıb hansı bir əclaf Allah tanımaz, qorxmaz əcəldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Saqqala həna qoymaq idi pişəsi əvvəl, Çernil yerinə əldə gülab şişəsi əvvəl, Daim mən idim söhbəti, əndişəsi əvvəl, Bir mö’min idi həp bu misildən, bizim arvad, Şura gələli azmış əməldən, bizim arvad. Hansı kişi namusunu, vicdanını satmış, Məktəbdə çıxıb nitq eləsin bu başı batmış? Namusu yeyib, arını arvad dala atmış, İman evini yıxdı təməldən, bizim arvad, Şura gələli çıxmış əməldən, bizim arvad. Biğeyrət işə razı olar hansı müsəlman, Saat ikidə arvadı gəlsin teatrdan, Mən evdə yatım, eyləsin o, şəhrdə cövlan, Xof eyləməsin dinə xələldən, bizim arvad? Şura gələli çıxmış əməldən, bizim arvad. * * * Molla Suğra Molla Suğraya ziyarət eylə qismət, ya Hüseyn! Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn! Doqquz ildir rövzəxandır, bir kənizindir sənin, Rövzəsindən pinti Fatma eşqirizindir sənin, Ağladır atbaş Tükəzbanı, əzizindir sənin, Qılboyun Naznaz sənə saxlar müsibət, ya Hüseyn, Qalmış ərsiz altı aydır mö’min övrət, ya Hüseyn! Dikburun Zeynəb dünən nəzr eyləmiş bir cüt corab, Telqraf Məhparə bir köynəklə olmuş feyziyab, Hər zadın vermiş qotur Xeyrənsə, dılğır Mahtab, Ərlərindən eyləyirlər indi sirqət, ya Hüseyn, Qalmasınlar molla Suğradan xəcalət, ya Hüseyn! Nəzr qılmış sırğasın çinköz Tutu, türkmən Nabat, Bir kasa buğda gətirmiş şil Bəyim, kəlfir Həyat, Əyriqıç Telli bir arşın çit, qaz Həvva bir manat. Eyləmişlər molla Suğraya məhəbbət, ya Hüseyn, Yaxşı bir ərlə nəsib eylə ziyarət, ya Hüseyn! Bir qoğal məşşatə Dilbər, dörd qaşıq yağ Külyetər, Pəhlivan Gülsüm bir az çay, bir kələm tın-tın Həcər, Hər nə çalmışsa qızıldiş Soltan evdən müxtəsər, Molla Suğraya edər bu yolda xidmət, ya Hüseyn, Bunlara eylə ziyarət ildə qismət, ya Hüseyn! * * * Ay tutulanda Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı, Ay tutuldu nalədən, göydə qəmər qan ağladı. Yerdə fürsət olmamışdır baş yarıb qan tökməyə, Qan keçəl başlardan axır, fantan atmışdır göyə, Getdi molla Qambay ayda baş vurub diz çökməyə. Bu müsibətdən ay-ulduz sərbəsər qan ağladı, Ay tutuldu nalədən, göydə qəmər qan ağladı. Şeyx Qəni çəkmiş səmaya Kərbəla meydanını, Orda həm istər tökə Abbasu Əkbər qanını, Aya hayil eyləmiş Şümrün böyük qalxanını, Orda həm eşşək Qafar, nazik Cəfər qan ağladı, Ay tutuldu nalədən, göydə qəmər qan ağladı. * * * Şeyx əmi! Üstünə sal tazə əba, şeyx əmi, Saqqala yax rəngü həna, şeyx əmi! Yağla dabanlarını çıx gərdişə, Şəhrdə iqdam elə bu xeyr işə, Zərrəcə lə’nət oxuma keçmişə, Zərrə varındırsa vəfa, şeyx əmi, Gərdişə çıx, qılma həya, şeyx əmi! Əlli bir evdə döşəsən süfrəni, Şəhri yesən bil ki, doyurmaz səni Eylə ləbaləb neçə gün mə’dəni, Qoyma bir ev boşda qala, şeyx əmi, Müntəzirindir «nücəba» şeyx əmi! Bir neçəsi satmış evindən qazan, Yorğanı da baqqala vermiş, inan, And ola əmmamənə, yoxdur yalan, Qalmamış evlərdə tava, şeyx əmi, Oldu bütün badi-həva, şeyx əmi! Kefli tutub şəhri varındır xəbər Gör neçə lül qənbər olub şiələr, Sən hələ bas qarnını, ay bəxtəvər, Fəxr eləsin qoy üləma, şeyx əmi, Müntəzirindir «nücəba» şeyx əmi! Eylədi tə’sir nəsihətlərin, Bayramı tərk etmədi ümmətlərin, Çünki qalır mayəsi bid’ətlərin, Gündə çalır tazə hava, şeyx əmi! Müntəzirindir «nücəba» şeyx əmi! * * * Ağa dərviş Bir tazə qəsidə edib inşad ağa dərviş, Xırmanda qurub şivənü fəryad ağa dərviş. Etmiş təzə zənkülələr icad ağa dərviş, Kənd içrə sədasilə qoyub ad ağa dərviş. Hərdən ki, çəkir nə’rəyi-yahu ciyərindən, Kənd itləri qorxub, hürüşür dövrü bərindən, Hay-küy qoparır xırda uşaqlar əsərindən, Görcək başını mal-qara ürkür təhərindən. Salmış yanına sağ gözü kor bir sarı madyan, Dal qıçları axsaq, anadan doğma çopurqan, Üstündə iki köhnə çuval, bir qara çaydan, Kəşkülü təbər, yırtıq əba, bir cırıq yorğan. Hər yerdə ki, xırman döyülüb oldu müheyya, Əl üstü açar orda çuvalın quli-mövlə, Xəlbir dolusu töksə çuvala sarı buğda, İstər yenə də madyanına bir qədər arpa. Hər yerdə ki, versən dəminə bir dolu xəlbir, Keçsə əlinə bir kasa yağ, bir dəri pendir, Ərvahi çəkər ortaya tərtib ilə bir-bir, Ol qədr nərildər ki, olur axırı bikir. * * * Ağam vay Bilməm nə var adında, ey şəhsəvar, ağam vay! Titrər adın gələndə, xurdü kübar, ağam vay! Kər başını kəsiblər Kərbübəladə bir yol, İndisə rövzəxanlar eylər şəhid bol-bol, Birəhm rövzəxanə mayə olub kəsik qol, Titrər adın gələndə xurda kübar, ağam vay! Namınla hər dükanda bəzzaz edər ticarət, Qəssab da eyləmişdir bir müxtəsər ticarət, Eylər adınla hər gün min bəxtəvər ticarət, Bəzzazə arşın oldun, ey namidar, ağam vay! Durduqca rövzəxanlar, dünya səni unutmaz, Hər il məhərrəm olcaq, başlarlar kürdi-şəhnaz. İçməsə molla Əskər, tə’sir qılmaz avaz, Ondandır hər gün olmuş beylə xumar, ağam vay! Cibgir cibə girəndə, səndən köməklik istər, Canilərin dilində daim olubsan əzbər, Namın gələndə gündüz, dad eylər usta Qənbər, Amma gecə gələndə, oynar qumar, ağam vay! Nökərlərin gətirmiş axırda zara xalqı, Həsrət qoyub lotular şama, nahara xalqı, Hər yerdə rövzəxanlar bu baxtı qara xalqı Noxta əlində dartar misli himar, ağam vay! * * * Ola bilsəm! Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu Şadəm gecələr çayına mehman ola bilsəm, Axşam bəzənib azimi-meydan ola bilsəm. Söysən nə qədər zatıma, qılsan məni təhdid, Çayxanadan axırda müdir eyləsə tə’bid, Ar eyləmərəm eyləsə oğlum məni tənqid, Bundan da bətər bisərü saman ola bilsəm. Yüz dəf’ə itil söyləsən, əlbəttə, itilməm, Eşq aləmidir ar həmiyyət nədi bilməm, Məktubumu çalsan başıma hərgiz əzilməm, Hər gün söyülən arsız insan ola bilsəm. Doxsan yaşadım eyləmədim eşqimi təkmil, Hicranə dözüb etmədim hərgiz belə tə’cil, İndisə gərək burda qılam vəslini təhsil, Doxsan sənəlik tifl və şəban ola bilsəm. Baxmam ki, doğub altı bala evdəki övrət, Sən burda ikən Fatma-Tükəzbanə nə rəğbət? Cənnət desəm, huri diləsəm zatıma lə’nət, Ancaq sən ilən hər gecə bir an ola bilsəm. Bir piri-zəliləm qəmi-eşqində giriftar, Çəksən nə olur lütflə saqqalıma tumar! Doxsan yaşamış yüz də yaşar Məşhədi Qəffar Vəslinlə fəqət layiqi-dərman ola bilsəm. Vəslindən ötür hər sözə tab eyləmişəm mən, Xət başımı hər gündə xizab eyləmişəm mən, Dərya qırağın cənnət hesab eyləmişəm mən, Asudə əgər dahili-rizvan ola bilsəm. * * * «Şərq qadını» məcmuəsinin bir illik bayramına Sən özün bir sənəlik dövrünü bayram elədin, Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin. Qala mirasına dünyada vərəq parələrin, Dini, imanı verib bada vərəqparələrin, Bir bəladır bizim arvada vərəqparələrin, Nə yaman yerdə bizim gündüzü axşam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Tapdalardım ölən arvadı, oyardım gözünü, Qışqıran dəmdə toyuqtək itirərdi özünü, Sən çıxandan bəri Gülnaz da deyir öz sözünü, Kişi haqqında bütün zülmünü itmam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Buna kim razı olar xırda qızı yoldan aza? Adı altında gəlib gündə sənə şe’r yaza? Qoyarammı o həyasız qızı gülsün namaza? Çaşdırıb qızları, arvadları bədnam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Nəzər etdikcə vərəqlərdəki təsvirinə mən, Gündə min lə’n edərəm heyyəti-təhririnə mən, Dözmüşəm bir sənə haqqımdakı təqririnə mən, Xırda qızdan da məni dərdə nakam elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Bu nə bid’ətdi görüm mətbəən uçsun başına, Görüm o katibin ölsün, su qarışın aşına, Çatmayaydın görüm aləmdə səni bir yaşına. Bizə bildinmi bu bir il nə sərəncam elədin? Qoyduğun bid’ətə din əhlini bədnam elədin. Məzhəbə rəxnə düşüb, bizdə daha qalmadı din, Kəsməyir molla da on yaşda qıza indi kəbin, Olmasaydın hamı məktəblilər olmuşdu kəlin, Balaca qızları da maili-övham elədin, Qoyduğun bid’ətə din əhlini bədnam elədin. * * * Rövzəxanın şikayəti Köhnəlik dövrü keçib, tazə hava tapmalıyıq, Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq. Şiə dünyası ayılmış, kəsilir nalə səsi, Ölməmiş milləti «mərhumə» hələ var nəfəsi, Köhnəlib yetmədədir kərbübəla məsələsi, Səsimizlə yeni bir Kərbübəla tapmalıyıq, Xalqı ağlatmağa ahənki-nəva tapmalıyıq. Min yalanlarla qopardıq o qədər şiyvənü şeyn, Yorulub gündə əsir olmadan artıq hərəmeyn, Bu həqarətlər üçün nifrət edib bizdən Hüseyn, Pul qazanmaqlığa başqa üsəra tapmalıyıq, Xalqı ağlatmağa ahənki-nəva tapmalıyıq. Şümrdən görmədi bir bunca həqarət üsəra, Min həqarətləri gördük ona mənbərdə rəva, Öldürüldü iki min dəfə hər ayda şühəda, Əzilib bitdilər, ayrı şühəda tapmalıyıq, Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq. Çürüyüb mərsiyə alatı olub xarü zəlil, Get-gedə kürsünü kəm etmədədir Qumri, Dəxil, Məclisinin hamı yazdıqları sözlər bu qəbil. Yeni bir makina, alati-buka tapmalıyıq, Xalqı aldatmağa ahənki-əza tapmalıyıq. * * * Zurnaçılar işə başladı Zurnasın molla Qəni köklədi saz etdi yenə, Çaldığı nəğməsini dur diraz etdi yenə. İki-üç məscidə yazdırmış özün hər birisi, Leyk şeyxin hamıdan bolludu xam müştərisi, Dişi, erkək, təzə gəlmiş neçə huri-pərisi, Düzədib dükkanı, vıstavkanı baz etdi yenə, Zurnasın molla Qəni köklədi saz etdi yenə. Altı ay molla Ələsgər götürüb nisyə şərab, Borcluya mahi-məhərrəmdə gərək versin hesab, Kamiyab etmədə saqqalını rəng ilə xəzab, Darayıb xəttini min işvəvü naz etdi yenə, Zurnasın molla Qəni köklədi saz etdi yenə. Beh verib molla Tağı altı nəfər dul qadına, Pul yığandan sora siğə qıla allah adına, Verəcək xərc Nəcəfdən gətirən arvadına, Şeyx, əmi ülgücü başlarda təraz etdi yenə, Zurnasın molla Qəni köklədi saz etdi yenə. Saxlayır molla Hüseyn növhə deyən vaxt dəmi, Kamiyabın zili, Şeyx həzrətinin zir-bəmi. Tərpədir qəhqəhə vurduqca başında kələmi Ayəyi inkirillah sövti fəraz etdi yenə Zurnasın molla Qəni köklədi saz etdi yenə. * * * Dükançının müştəri ilə hekayəti Bu sirr komunxozdamı, baqqaldamı yoxsa? Ya inki dəmir yoldamı, ya maldamı yoxsa? Ancaq bilirəm günbəgün olmuş bazar ərzan, Dükançılar e’lan edib hürriyyəti-vicdan. Hər bir mal ucuz, yaxşı keçir əmri-məişət, Mal birsə də var hər kəs üçün bir yeni qiymət. Çatmazsa pulun almağa səs eyləmə amma, Çünki satılır hər kəsə bir qiymətə əşya. Zira salıb alverçi elə tazə bəhanə, Natiqlik edir müştəri girdikdə dükanə. Görcək səni filfövr açacaq duzlu hekayə, Söylər ki, — bu ay min manata çıxdı kirayə, — Hər kəlmədə söylər, — evimi yıxdı komunxoz, Alsa bu pulu, axırıma çıxdı komunxoz. O qədər nalog yüklədilər arxama əl’an, Dörd qıçlıya çatsan, dağılar bir günə palan. Hələ xəbərin yox bu ayın lampa pulundan, Artar o da ayda iki yol, bezmişəm ondan. Aksizlər ilə ki, hələ var başqa qiyamət, Onlar qudurub, mə’ruf olub gizli ticarət. Tə’zim edərəm hər biri rast gəlsə hərifin Hərdən sorarəm müxtəsər, əhvali-şərifin. Yüz milyon alır bir tayı qaldırmağa hammal, Etsin necə taqət belə bir məsrəfə baqqal? Bundan da pisi, evdəki xərcim daha şişmiş, Arvadlarımın zülmü də payanə yetişmiş: Tufli cütü altmış manata çıxdı nihayət, Düşmüş təzədən şəhrə qızıl sumkalar adət. Ətrin şüşəsi az qala olsun iki onluq, Dörd min manata mirvarı bir şəddə boyunluq. Düşmüş inki ev xərci mənim üstümə naçar, Hər nə görüb istər o iki zalimü-qəddar, Liza tazə şlyapa görüb eyləyir israr, Gülçöhrə tələb etmədə çadirşəbi-zərtar. Cəm eyləmişəm bunca məsarifləri mən də, Labüdd qalaraq yükləmişəm bir kisə qəndə. İşlər belədir, incıməsin müştəri qardaş, Çox istəmirəm, olsa yetər bir kasa bozbaş. * * * Şeyxin bir mö’cizəsinə ithaf Baxdıqca könül qan olur əhvalına şeyxin, Yandı ürəyim tərcümeyi-halına şeyxin. Minbərdə dünən tapmış ikən halati təğyir, Qalmışdı boğazında söz, olmuşdu gəlugir, Etdi bu vəziyyət mənə də doğrusu tə’sir, Qonmuşdu ölüm torpağı saqqalına şeyxin, Heyfim də gəlir yalına-kuppalına şeyxin. Söylərdi ki, peyğəmbər alar qırx nəfər övrət, Hər kəs bunu tənqid eləsə, zatına lə’nət, Hacı Qəni baqqal da gəlib cuşə həmiyyət, Etdi qəsəm əmmaməsinə, şalına şeyxin, Qoydu başını səcdədə dünbalına şeyxin. Heç şübhəsi yox kafir olub aləmi-insan, Məscidlərə yarmarka deyir, minbərə — dükkan. Bə’sət də, imamət də, nübüvvət də çibişdan, Qur’an belə vabəstədir amalına şeyxin, Pul söhbətidir baxsan əyər halına şeyxin. Gündüz-gecə tə’rifin edir mahi-siyamın, Təfsiri çibiştandan ibarət bu kəlamın, Salmış başına noxtanı beş-altı əvamın, Baqqal alır hər bir yükünü dalına, şeyxin. Gülmə hələ sən elmsiz hammalına şeyxin. Bir gün gələcək, iyrənəcək öz əməlindən, Heyvan belə bizar olacaq şeyxin əlindən, Bu söylədiyim olsun əmanət sənə məndən, Bir gün salaram atəşi mangalına şeyxin. Söz qandıraram bir kərə hammalına şeyxin. Millət daha heç görməyəcək şeyxdən asar, Gəlməz daha insanlığa bu surəti-idbar, Məscid verilər məktəbə, qalmaz daha dərbar, Qoymaz düşə insan yeri işğalına şeyxin, Atəş vuraram bir kərə əmvalına şeyxin. Hər nə deyəcək, dinmə, desin son nəfəsində, Töksün zibilin, qalmasın hədyan qəfəsində, Beş-altı ulaq var nə qədər pişü rəsində, Bir siğə düşər həftədə çankalına şeyxin, Olsun bərəkət bir topa saqqalına şeyxin. * * * Lə’nət ola! Fələkin gərdişi-dövranına min lə’nət ola! Sərvətə qız satan insanına min lə’nət ola! Bənd olub bir qoca məl’un kişi nadan atama, Sərvətin qılmış idi və’də müsəlman atama, Eylədi hilə nihayətdə bu şeytan, atama, Bəşərin hiləli şeytanına min lə’nət ola! Eşqinə, mehrinə, vicdanına min lə’nət ola! Az qalır doxsana çatsın yaşı nisbət kişinin, Varlığı bağrımı çatlatdı bu heybət kişinin, Nifrət olsun gözünə sahibi-sərvət kişinin, Özünə, sərvəti-samanına min lə’nət ola! Bığına, xətti-pərişanına min lə’nət ola! Surəti-alimi gördükcə qanı cuş eylər, Gərdəni-nazımı cəbr ilə dərağuş eylər, Dili-azürdəmi hər baxdığı mədhuş eylər, Ərlərin qorxulu zindanına min lə’nət ola! Kişinin surəti-xortdanına min lə’nət ola! Tutub ahu kimi öz dami cəfasında məni, Qollanır cəbr ilə öz keyfi-yaşasında məni, Alət etmiş köpək öz zövqi-səfasında məni, Məni canan bulanın canına min lə’nət ola! Gen çuxa, çirkli damanına min lə’nət ola! Ağlaram hər gecə təskin eləməz malı məni, İncidir get-gedə iyrəndirici halı məni, Qaşıyır kirli qaşovlar kimi saqqalı məni, Qoxumuş ağzına, dəndanına min lə’nət ola! Yekə baş, surəti-heyvanına min lə’nət ola! * * * Ramazan ayı qurtardı Bitmiş ramazan, bərhəm olur məclisi-ehsan, Nəqdin verərək, nisyə behişt aldı müsəlman, Şeytanbazar əsnafı olub azimi-rizvan, Huriləri məşdi özünə eylədi nisvan, Huri qutarıb, qaldı fəqət bir neçə qılman. Molla ki, pulun topladı, cəmləndi xəracat, Qalxmaz daha avazi-əzan, sövti-minacat, Bir az sora bağlar qapısın qaziyulhacat, Öz cənnətinə baqqalı almaz daha mehman, Didarına həsrət qalacaq huriyü qılman. Pul almasa molla bu otuz gün ramazanda, Bişübhə oruc söhbəti qalmaz bu cahanda, Din də qapanır, məclisi-ehsan qapananda, Vaiz də pul almazsa, deməz hərzəvü hədyan. Hər kəs ölür-ölsün, parasız eyləməz əfğan. * * * Rüşvətlə mübarizə zamanı Ar eyləmərəm, pəndü nəsihətdən utanmam, Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam. Xalqın xoşuna gəlməsə ətvari-kəsifim, Dolsun fəqət ahəstə çibişdani-şərifim, Bir Əhrəmənəm, yox bu vilayətdə hərifim, Candan usanırsam, yenə rüşvətdən usanmam. Bu zəhməti az, xeyrli sən’ətdən utanmam. Hər xidmət ibarətdi mübarək şikəmimdən, Kənd əhli əbəs canə yetişmiş sitəmimdən, Yatmam gecələr sübhə kimi fərti-ğəmimdən, Məstanə yatış, işvəli söhbətdən usanmam, Ləbətləri ölsəm də ziyarətdən utanmam. Qurdam, dəyişib cildimi insanə qarışdım, Soxdum başımı hər yerə, hər yanə qarışdım, Fənd əhli olub sərvətü samana qarışdım, Bir böylə gözəl sevməli xidmətdən usanmam, Ölsəm də, asılsam da bu adətdən utanmam. İndisə duyub fəndi gözün açmış hökumət, İstər duta kimlərdir alan ölkədə rüşvət, Övqatımı təlx etmədi hərgiz bu vəziyyət, Var tazə üsulum, o vəziyyətdən usanmam, Cin də məni tutmaz, bu cinayətdən utanmam. Rüşvətçi gərək rüşvəti qərzülhəsən alsın, Rüşvət deyil, evladıma bir töhfə aparsın, Bir saat alıb qızçığazım boynuna salsın, Rəsmiyyətə düşdükdə hökumətdən utanmam, Rüşvət yemək əmrimdəki halətdən utanmam. Bir sırğa alıb arvadıma versə nə eybi? Evladımı kostyumla keyindirsə nə eybi? Saat ikidə mənzilimə girsə nə eybi? Düşsəm tora axır yenə lə’nətdən utanmam, Biaram, özüm də belə ğeyrətdən utanmam. * * * Körpə nişanlı Qundaqda ikən bir qızı ad eyləmişəm mən, Nazlı bəbədən könlümü şad eyləmişəm mən. Məftun eləmişdi məni kəhvarənişin qız, Gördükdə qığıldardı məni mahçəbin qız, Süd əmdiyi vaxt arvadım olmuşdu həmin qız, Nəfsimlə bilirsən nə cihad eyləmişəm mən? Hər gün vurulub dadı-bidad eyləmişəm mən. Sərf eyləmişəm var nə qədər malü-mənalım, Bəlkə fərəh etsin böyüsün körpə əyalım, Bir az sora toy etmək idi fikri-xəyalım, Bu xeyr işi çoxdandı murad eyləmişəm mən, Amalımı hər gündə ziyad eyləmişəm mən. Axırda kəbin kəsdi bizə əhli şəriət, Lakin qız özü qılmadı haqqımda məhəbbət, Yoxsul atasın bəslədim, etdim ona xidmət, Puldan keçərək hər cürə zad eyləmişəm mən, Doydurmuşam ac qarnını, şad eyləmişəm mən. Yüz heyf ola ki, çıxdı mənim qarşıma hicran, İşlər dəyişib, qız bəyənib başqa bir oğlan, Sevdi, qoşulub qaçdı, məni qoydu pərişan, Mollaya gedib ərz ilə dad eyləmişəm mən, Fəryadımı getdikcə ziyad eyləmişəm mən. Bu zülmə şəriət də gərək olmaya razi, Verməz buna fitva, bilirəm, həzrəti qazi, Hər ləhzə xəyalımda gəzir sevgili mazi, Həm də acı müstəqbəli yad eyləmişəm mən, Yırtıb üzümü dadü-bidad eyləmişəm mən. * * * Qadınlar Düşmüşdülər çoxdandı bu sevdaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. Gül başımıza, indi gəlib gör nə zamanlar, Sədr oldu bizə çalmalı, çarqatlı çobanlar, Qaldı dalıda məşdi Kərim, kəblə şabanlar. Sədr olmaq üçün düşdü təmənnaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. İnsanlığını etsə qadın kənddə isbat, Baxmaz sözünə bir də o nadan qızı, heyhat, Olmaz daha hər gün kulaka siğə o bədzat, Düşməz tora, yazsan iki yüz ayə, qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. Kənd içrə durub baş-başa boz, ağ, qara saqqal, Qoltuqçu Nəsir, pullu Qədir, yağnalı baqqal, Bunlar nə seçir, nə seçilirmiş, bu nə əhval? Bunlar var ikən düşdülər ortaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. Heç anlamıram mən, bu nə adət, bu nə bid’ət? Ərlər var ikən arvadı qoysunlar hökumət? Zülm etdi bizə, bolşevikin dininə lə’nət. Onları görüb çıxdıla dünyaya qadınlar, Seçdirdi özün kənddə də şuraya qadınlar. * * * == Felyetonlar == Söhbət «Lağlağı» ilə «Hərdəmxəyalın» mabeynində. Lağlağı: — Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam. Bir parça adamlar var hər nə söz söyləyirlər, yalan, yainki doğru, camaat o saatda «Bəli ağa, bəli ağa» — deyib sözünü təsdiq edir. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə açığlanıb dedi: bəs sən nə vaxt ağıla gələcəksən, neçün bir elə söz danışırsan ki, ağanın qəlbi bulansın? Ay Hərdəmxəyal, lap qupquru qurumuşam. Keçən gün bir məclisdə idim. Ağalardan bir nəfəri içəri girdikdə xalayiq sərasimə «ağa yuxarı, ağa yuxarı» çığırışmağa başladılar. Biçarə mən, bunu görüb xəyal eylədim ki, elə cümlə üçün belə ehtiram qoyulur. Belə ki, bu gün bir evə qonaq çağrılmışdım. İçəri girdim. Hər yerdə ki, boş yer gördüm, istədim oturam, dedilər: «bala bu yerin adamı vardır, gələcəkdir». Müxtəsər, iki saat ağaların qabağında qəlyan kimi gərdiş etdim isə də, bir yer göstərən olmadı. Axırda ev sahibi qolumdan yapışıb, çıxarıb mətbəxxanada oturtdu. Qərəz, bu işə lap mətəl qalmışam. Hərdəmxəyal: — ha ha ha..... – Ey biçarə Lağlağı yoldaş, mən başıma nə gül töküm, işin birini bilirsən, birini bilmirsən, hər sözü də açıb sənə deməyə cür’ət eləmirəm. Hərgah sözü gizləsəm, deyəcəksən bu Hərdəmxəyal heç zad bilmir. Amma desəm də aşkar deyə bilmərəm. Qulağına deyəcəyəm, bax... istəyirsən ki, işin yaxşı olsun............. İndi başa düşdün, ya yox?! Bir də deyirsən ki, camaatın yalan sözünü doğru, mənim doğru sözümü yalan hesab edirlər. Əzizim, hərçənd sən az danışan adamsan, lakin təqsir özündədir. Gözüm nuri, heç darıxma, gəl mənim yanıma. Əvvəl məni də sənin kimi qovalayırdılar. İndi görürsən, sözüm nə dərəcədə kəskindir?! Lağlağı qardaş, bu libasi ki, sən geyibsən, sözün keçməz. Hələ belə qalıbsan, şükür elə. Belə ki, mən başa düşüb libasıma təğyir verdim, allaha şükür, özün şairsən, şe’r-mə’r də deyirsən, niyə sən bilmirsən, Sə’di deyib: «Hər kera camə parisa bini, parisadanu nik mərdan kar». Sən istəyirsən həm canın rahat olsun, həm də sözün kəskin. Başına qoymusan bir verşoq boyda börk, özün də şikayət edirsən ki, ayağıma durmurlar, sözüm keçmir. Bu aşkarlıqda sözü başa düşməsən dəxi mən sənə nə deyim. * * * Məktub («Molla Nəsrəddin»in möhtərəm yazıçısı Qızdırmalıya) Əfəndim! Sözlərinizdən hərarət yağır, oxuyanda insanın dil-damağı quruyur. Məqalələrinizin hədərən-pədərən olmasından belə mə’lum olur ki, bir az da titrətməniz vardır. Onun da cəhəti bulvarda gəzəndə starşi qaradovoy, börk götürmüsən, sənə soyuq dəyibdir. Əlbəttə mənim ərzimi qəbul edib gərək bir qrantsız hamam tapasan, bir qədər tərləyib, sonra suya girib fitəni başuva salıb altmış qab isti su fitənin üstündən başuva tökəsən. Ondan sonra əhvalını mənə yazgilən. Hərgah yaxşı olmasan, eybi yoxdur, qızdırmanı bağlaram. Eşidirəm başında bir az da ağrı vardır. Haman azara hükəma istilahında nəzlə deyirlər. Qara toyuq yumurtasına bir neçə söz yazıb, kisəyə tikib, məsciddə tirdən asarlar. Qorxma, mən onu da çabaça edərəm. İşdir, əgər bu da mənfəət etməsə, onda yəqin elə ki, sənə göz vurublar. Bu aşağıda yazdığım duanı bir ovuc üzərlikə oxuyub, od içində yandırıb üstündən oyan-buyana atılarsan. Duanın surəti: Üzərlik sən havasan, Həzar dərdə davasan, Hər yerdə sən olasan, Qada, bala sovasan. Üzərlik danə-danə Tökülsün hərzə canə, Qohum ola, yad ola, Gözü bu odda yana. Atın daydı üzərlik, Donun ağdı üzərlik, Müşkül işim düşübdür, Hovdi-hovdi üzərlik. * * * Ana dilində məktub Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz. * * * Elmi-nücum İcmali-kar, şəhri-cəmadi-əvvəl Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması. * * * Balaca felyeton Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət. Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla. Nuri-çeşmim! Yaxın fikirli olub, bu gündən oturub sabah işini fikr eləmə. Bir işi görməkdə tə’cil etməyib, hər işdə yavaş olgilən. Cibində heç vaxt köhnə para saxlama. Para insan üçün hər halda bir mayeyi təhlükədir. Ədəbli fərzəndim! Hər halda insanlar içində ədəbli olub birisi bir sözü iki min kərə sual etdikdə bir dəfə cavab verməyib ədəbini göstər. Aman əzizim, mabada məndən sonra düşmənlərimiz səni yaman dil ilə aldadıb sənə qoyub getdiyim bekarçılıq kimi ne’məti əlindən çıxaralar. Məndən sonra düşmənlərimiz səni elmə tərğib edəcəklər. Maarifli çocuğum! Olmaya qəbul edəsən? Vəsiyyətimin içində zikr edirəm: insan bir mülkdir, ya bir qit’ədir, padşahı iki gözdür. Göz isə bir ləm’ə nurdur. Bunların cümləsinin düşməni haman üstə dediyim elmdir. Gözəl bala! Bir para adamlar deyəcəklər: sənət əxz elə! Mabada qulaq verəsən! Ömrün qayçısı bir də sənətdir. Dünyada hər nə etsən insafı buraxma. Birisinə qərz pul versən yüzə üçdən artıq faiz alma. Rəhmdil ol. Bir kəndlini vurandan sonra paltarlarının tozunu təmizlə. Hafizə insanda ümdə şərtdir. Bir adamı yüz kərə görən kimi tanı, birisindən qərz pul almış olsan vaxtında aparıb vermə, çünki qəzadır, salar itirər. Oğlum, sənə ümdə vəsiyyətim, bir də dövlətli kimsələrin şan və hörmətinin rəayətidir. Mabada dünya cifəsindən ötrü onları özündən rəncidə edəsən. Sənə yüz manat verib ildə 24 rublə alıb, sonra yenə iki yüz manat istəsələr, sual-cavabsız verkilən. Mabada onların sözünün əksincə rəftar edəsən. Hərkah bir işləri olarsa cümlədən əvvəl sən canfəşanlıq elə, sənə nə qədər yaman desələr, şükr elə, onlar sizə vəkildir. Bir məclisə dövlətli girəndə ayağa durmaqda heç kəsə macal vermə. Belə ki, Sə’di buyurub: «Bəni adəm ə’zayi-yekdigərənd». Yə’ni min fəqir yığılıb bir dövlətlinin sandığın doldursun. Millətin fəxri bunlar ilədir. Gözümün işığı! Dünyanın dolanışığı bunlar ilədir. Dünya bunlardan ötri xəlq edilmişdir. Hər vaxt əlinizə pul düşəndə verin bir quzuya, ya bir ata, aparın dövlətli uşaqlarına bağışlayın ta inki ataları sizə çox sağ ol desinlər. Gecələr dövlətli evlərinə qaravul çək. Gündüz işinə getməkdə müzayiqə etmə. Bir məclisdə nə qədər yalan söyləsələr bəli-bəli degilən. Dövlətliyə fəhləlik etməyə gedəndə çox göftiku etmə, bir manat səni öldürməz, amma yüz fəqirin bir manatı dövlətlinin oğluna qumar pulu olar. Dövlətli hər nə söyləsə bil ki, onda bir məsləhət vardır. Onlar sizə vəkildir. Məvacibinizi iki aylar ilə saxlasalar, dinib danışmayın, vəkildirlər, əziz oğlum. Xudavəndi-aləm hər bəndəsini bir qüvvədə xəlq etməyib, insan olan lazımdır isti günlər qabağında axşama kimi ac işləyib heyvanat kimi qabıq qoysun. Nəinki döşündən bir qraxmal asıb çətirin altında zənanlar kimi dolansın, onlar sizə vəkildirlər, qoyun necə kefləridir, elə etsinlər. Mabada qoyasız onlar qüssə çəksin. Oğlum, sən on gün ac qalsan, eyb etməz, amma onlar bir gün sazəndəsiz, tarsız, kefsiz qala bilməzlər. Bala, lazımdır hər gecə onlar yüz fəqirin illik ruzisini tarçıya, oxuyana versinlər. Siz fəxr edin. Mabada dövlətli balalarını adları ilə çağırasınız, eyib işdir, həmişə ağa-ağa çağırın. Hərkah peysərinizə şitil vursalar, şükür eləyib deyin: bəkzadə məni bağışla, sənə kiçiyəm. Hər yerdə dövlətli görəndə sərasimə ayağa durun. Bir yarım saat qıçlarınızın ağrısı çıxsın. Mabada bir dərdinizi deyəndə sizə xişm etsələr, açıq edəsiniz, onların yamanları mərhəmətdir. Hərkah dövlətlinin divanxanada şəhadət verməli bir işi olursa, yalandan qəsəm edib şəhadət ver. Dövlətli həmişə elə düşməz. Əziz oğlum, məndən sonra bir zaman gələcək sizə bir düşmən hücum edəndə bunlar sizin dərdinizə qalacaqlar. Bir zaman olacaq qışın günündə başınıza qəmli qarlar yağanda aparıb sizləri özlərilə isti otaqlarda saxlayacaqlar. Qəm yağışlarına islanan vaxtda sizin üstünüzə qanad açıb hifz edəcəklər. Aylar ilə siz ac qalanda elə bilirsiniz onların plov və yağlı xörək canlarına sinacaq?.. Elə bilməyin ki, siz quru xarabələrdə can verəndən sonra onlar bir də ağız ləzzətilə istəkliləri yanında krovat üstə yatacaqlar. Sizin balalarınız ayaq yalın gəzməkdən ayaqları bal şanı kimi deşik-deşik olanda onların da nazpərvər ağazadələri ayaqlarından qaloşları çıxarıb atacaqlar. Sizin dul övrətlərinizin irz-namusu düşmənlərin ayağı altında paymal olanda, əlbəttə, onların da qanları cuşə gələcəkdir. Oğlum, dövlətlilərin hörmətini sənə vacib edib xətmi-kəlam edirəm. Mütərcim: Hərdəmxəyal. * * * Qəlbim tutulmuşdu Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum: Asudə bizik, bizləri görcək sitəm ağlar, Qəmdidəlikim görsə yəqin et ki, qəm ağlar. Bir dəm görən əhvalımızı dəmbədəm ağlar, İslam adı yazdıqca əlimdə qələm ağlar. Yoldaş, qapını çalma, anaxtarsız açılmaz, Çox sə’y-təlaş etmə ki, qəlbirdə su durmaz, Yüz top vurasan başına bu yatmış ayılmaz, Daşlara da mən dərdimi hər söyləsəm ağlar. Hər töhməti bas bağrına, çox söyləmə, lal ol, Saldat nə soruşsa dilini anlama, mal ol, Qafqazda qoyunlar kimi hər cinsə halal ol, Hər tayifə şad olsa da axır əcəm ağlar. Qoyma yerə boş gülməyi aləm sənə gülsə, Get işrətə gər başına min qüssə tökülsə, Fikr eyləmə bir zərrəcə qəddin də bükülsə, Kafir də səni görsə, xudayə qəsəm ağlar. Üstün ana əl vurmayıb et bircə təvəkkül, Sel gəlsə durub qaçma, əgər olsa da müşkül, Hər nə desələr bax, özünü eləmə yünkül, İslam adı yazdıqca əlimdə qələm ağlar. * * * Məktub Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm: Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik. Gündən-günə ticarət mətə’larımız Avropa, Amerika, Avstraliya bazarlarında satılmaqdadır. Şükürlər olsun hər həftədə hökumət paytaxtında müşavirə edib tüccari və siyasi əhdnamələr bağlayırıq. Hər saatda dahili-məmləkətimizdə millət və hökumətin pişrəfti üçün vüzəra tərəfindən müxtəlif qanunnamələr ortaya qoyulur. Hər saatda imperiyamızın ətraf şəhərlərindən sənaye vəzirinə qism-qism ixtiraati-cədidə təqdim edilir... və zavodlarımıza küreyi-ərzin hər tərəfindən vaqonlar, hərbi paraxodlar, balonlar, telefonlar, teleskoplar, ənva-ənva quvveyinariyələr sifariş edilir. Hər ayda dörd hərbi paraxodumuz müntəzəm surətdə qayrılıb dənizlərə tullanır. Hər gündə doxsan verst dəmir yolumuz qayrılıb icra edilir. Neçə fəxr etməyək, hər ildə üç-dörd xırda hökumətlər nüfuzumuz sayəsinə keçib imperiyamıza qoşulur. O cümlədən «Bəlucistan», «Hindistan» qeyri-qeyri... Gündən-günə ziyadətə başlamış olan akademiyalarımız, darülfünunlarımız, teatrlarımız, parklarımız, akvariumlarımız ümumin nəzəri-diqqətini cəlb edir desəm yenə azdır... Cahan mədəniyyətinin hər bir guşəsindən tələbələr darülfünunlarımıza yağış kimi yağmağa başlamışlar. Müxtəlif kompaniyalarımız Avropa dağlarını söküb mə’dən soraqı alırlar. Uzun, uzaq səhraları teyyülərz kibi bir-birinə qovuşduran, ucu-bucağı olmayan nəhrləri, irmaqları kanallar vasitəsilə çəkib aparıb qanlı dəryalara çağıldadan mühəndislərimiz bir dəqiqə belə aram tutmurlar. Yenə yüz təşəkkür biz iranlılar gecə yuxu içində belə sənət görüb sübh bidar olcaq, haman sənətin icrasına çalışırıq. Hər gündə məğrib hökumətlərindən yüz tövr imtiyazat alarıq, biz iranlılar iki gözümüzü açıb cəmiyyən beş qit’ədə olan daş diblərini də görə bilirik. Bəxtiyar iran təbəələri beş qit’ənin içində indi də barmaq ilə göstərilir. Fövqəl’adə olan tərəqqiyatımıza baxmış bir adam indi də heyrət gözünü açıb təəccüb barmağını ağzına basmaqdadır. Şücaətli əskərlərimizin rəşadəti — cahankiranəsini bir görən bir də görüm deyəcək olur. İmperiyamızın əmin və aman olduğundan bir qarı övrət bir tabaq qızıl başına qoyub Tehrandan İsfahana qədər getsə, bir kimsə o nədir söyləməz. İran dağlarının hər bir qayasına baxılarsa, başsız meşələrin hər tərəfinə nəzəri-diqqət edilərsə, insan əli dəyməmiş bir ağac, sənətdə işlədilməmiş bir qaya əbədən görməz olursan. Çiçəkli qəzalarımızda, uzun-uzaq çöllərimizdə dəmir yol xəttindən özgə ayaq qoymağa boş yer tapa bilməzsən. * * * Bəyani-həqiqət Get, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən! Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən. Mən də o saatda qələmi alıb yazdım: Bəh-bəh sizə əhsən, necə pürzövqi-səfasız, Fəxr eyləyin İrana ki, fəxrululəmasız. Ənküştnümasız, hamı əmraza şəfasız, Ərbabi-əxa, sərvəri-zülədl-vəfasız. Minlərcə xuda ümmü fəsada edə lə’nət, Minlərcə o şeytanə ziyadə edə lə’nət. Təhtül-hənəkin rişteyi-ümmid ziyandır, Çibkirü xətakara qapın darülamandır. Fəxrululəma sən kimi şeytani-zamandır, Ləbbadənin altında çox əsrar nihandır. Hər kəs gərək ismin düşə yada edə nifrət, Minlərcə xuda ümmüfəsadə edə lə’nət. Şeytan dediyim səhvdi, şeytan belə olmaz, Bişək siz olan məclisə şeytan da dolanmaz, Hökmüz yetə iblisə bu Təbrizdə durmaz, Siz çaldığınız avazəni dəccal da çalmaz. Hər kəs ki, edibdir belə avazəni adət, Qoy tanrı o murdara ziyadə edə lə’nət! Keçmişdə sənin çox yudular vizrü-vəbalın, Guya dedilər vardı sənin ayrı xəyalın, Çox eyb deyil, olsa da keçmişdəki halın, Örtər hamı bu işləri övzai cəlalın. Mə’lum ki, bu işlər olubdur sənə sənət, Minlərcə xuda ümmifəsadə edə lə’nət... Dünya nə qədər var isə baqi qalar adın, Heç molla sizintək o zadın bilmədi dadın, Fəxrululəmanın da xuda verdi muradın, Bilsinlər gərək qədrini ol ümmifəsadın. Minlərcə xuda ümmifəsada edə lə’nət, Minlərcə o məl’unə ziyadə edə lə’nət. * * * Bilməli xəbərlər Məsələ Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər? Naxçıvan və İrəvandan aldığımız xəbərlərə görə məzkur şəhərlərdə gündən-günə müsəlman qəzeti oxuyan artmaqdadır. Qəzet oxuyan belə sür’ətlə artır ki, bir nömrə «İrşad»ın başına iki yüz adam yığılır. Biçarə, yazıq, mədəni Naxçıvan əhli qəzetdən gör neçə korluq çəkirlər ki, qiraətxanadan qəzetləri gizlicə aparıb padşahlıq bağında ağac diblərində oxuyurlar. Axırda yazıqlar məəttəl qalıb başlayıblar təzə qəzet açmağa. Yazıb bəndədən qəzetəyə ad qoymaq istəyirlər. Mən də çox fikirləşəndən sonra götürüb bu adları yazdım: birisinə «Məzəmmət», birisinə «Qəflət» adı qoydum. Hələ bu iki şəhər deyil, Bakı, Batum, Teymurxanşura, Valdiqafqaz, Buxara, Təbrizdən də belə xoş xəbərlər yazırlar. Eşitdiyim budur ki, Tiflis camaatı da Şeyxül-islama yalvarırlar ki, bir qəzetə açsın və adını da qoysun «Pərişan». * * * Millətpərvər intelligent Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir. Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona? Mən bir qədər fikir elədim, sonra əyildim cavana tərəf və qulağına dedim: — Mən ölüm lotuyana de görüm niyə müsəlman qəzeti oxumursan? Cavan mənə tərəf çönüb qulağıma yavaşca pıçıldadı: — Sən öləsən müsəlmanca savadım yoxdur. * * * Müsəlman yığıncaqları Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar. Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar. Aşkardır ki, bir əldən səs çıxmaz. İndiyə kimi heç olmuyubdur bir məclisə də’vət olunan müsəlmanlar öz vaxtında cəm’ən orada hazır olsunlar. Məsələn, otuz adam çağırılıb, on beşi gəlir, gəlməyənləri gözləyir-gözləyir və bir qədər yavan papiros çəkib dağılır. O biri dəfə qabaqca gəlməyən on beş nəfər gəlib bu biri on beş adamı gözləyir, gözləyir və bir qədər yavan papiros çəkib dağılır. Nədir bunun səbəbi? Yə’ni niyə müsəlmanlar bir yerə təklif olunanda hamısı birdən yığışmırlar? Bunun səbəbini hərə bir cür başa düşür. Biri deyir ki, müsəlmanlar biri-birinin fikrinə qalmağı xoşlamırlar; biri deyir ki, müsəlman milləti ələl-ümum ağır və tənbəldirlər. Biri deyir ki, müsəlmanların bir yerə həvəs ilə və bir vaxtda cəm olmamağına çox vaxt tək səbir bais olur. Amma mən də özgə cürə başa düşürəm: mən deyirəm bu işlərin tək bircə səbəbi var: bunların səbəbi budur ki, adamın öz evində bişmiş olsa da, özgə yerdə bişmiş plov kimi ləzzətli olmur. Bunu hər insaf əhli gərək təsdiq eləsin. Məsələn, götürək ehsan məclislərində yuxarı başda əyləşən cənabları: bunlar hamısı dövlətmənd ağa, xan, molla və hacıdırlar. Gün olmaz ki, bunların evində xalis inək yağı ilə zirişk və zə’fəranlı cücə ya qavurma plov bişməsin. Bununla belə dünya xəlq olunandan indiyə kimi bir dəfə də ittifaq düşməyibdir ki, bir müsəlmanı plov məclisinə qonaq çağıralar getməyə. İstər nə qədər vacib işi də olsun, gedəcək, öz evində yüz plov qazanı da asılmış olsun, gedəcək, ya özü naxoş olsun, ya evində naxoşu olsun, gedəcək, qar-yağış yağsın, gedəcək, dünyavü aləm bir-birinə toxunsun, gedəcək və mənzil nə qədər uzaq olacaq olsun, gedəcək. Avam arasında deyərlər «mollaya plov de, Marağa nə uzaq yoldur» və bu sözlər mə’nasız deyil. Mən yəqin edirəm ki, mən Tiflisdə bir plov qonaqlığı quram və Danabaş kəndindən molla Sadığı və Mərvdən hacı Məhəmməd Bağır ağanı qonaq çağıram — yəqin ki, üç-dörd gün keçməz hər ikisi burada hazır olarlar. Qərəz, mətləbdən uzaq düşdük. Keçən il Tiflis müsəlmanlarının arasına klub açmaq məsələsi düşmüşdü. Bu xüsusda yüz qırx iki dəfə məclis quruldu, əvvəl camaat cənab Nəbi bəy Yadikarovun evinə yığışırdılar. Bura yenə az-çox gələn olurdu, çünki heç olmasa çay var idi. Bir ayın içində 12 kəllə qənd təşrif apardı. Elə ki, qənd qurtardı ağalar başladı yavaş-yavaş azalmağa, xülasə axırda hökumət məhz biçarə müsəlmanlara rəhm edib Tiflis müsəlmanlarına izin verdi ki, klub açsınlar. Bunlar hamısı çox gözəl, amma lazım idi ki, müsəlmanlar bir yerə cəm olub klubu açsınlar. Bəli, bir gün rus qəzetələrində ə’lan etdilər ki, müsəlman qardaşlardan xahiş olunur ayın əvvəlində idarəyi-ruhaniyyənin məktəbxanasına cəm olub üzv yazılsınlar. Mən o günü gedib durdum məktəbxananın qapısında ki, gələnlərə tamaşa edim. Əvvəl bir gürcü tələbəsi gəldi və dedi ki, mən gəlmişəm müsəlman klubuna üzv yazılam, əgər müsəlmanlar məni qəbul etsələr. Mən dedim: buyur əyləş otaqda, inşaallah müsəlmanlar indi gələrlər və sözünü deyərsən. Sonra bir rus gəldi və haman sözləri dedi və mən də ona haman cavabı verdim. Bu da girdi içəri. Yarım saat keçdi Həsən bəy Sultanəlibəyov gəldi və faytondan enib üzünü tutdu qapıda duran nökərə və soruşdu ki, çay var? Nökər cavab verdi ki, xeyir yoxdur. Həsən bəy haman faytona minib təşrifini apardı. Bir az keçdi realnı məktəbxanasının müdiri fayton ilə gəlib soruşdu ki, müsəlman klubuna buradamı üzv yazılmaq lazımdır? Mən dedim: Bəli, buyur içəri. Yarım saatdan sonra hacı Qara cənabları təşrif gətirdi və nökərdən çayın əhvalatını soruşub çıxartdı saatını və dedi: mən yarım saatdan sonra inşaallah gələrəm. Bir qədər də keçəndən sonra Mirzə Xəlil əfəndi gəldi və nökərdən soruşdu ki, kim gəlib, kim gəlməyib? Nökər cavab verəndən sonra əfəndi dedi: indi ki, müsəlmanlardan heç kəs gəlməyib, ta mən burada nə qayıracağam? Bu da belə getdi. Xarici qonaqlarımız bir qədər gözləyib gördülər ki, heç gələn yox, bunlar da durub getdilər. Dəxi o gündən indiyədək Tiflisdə ikicə müsəlman bir yerə cəm olmuyub, niyə də olsun, nə var ki, cəm olsunlar? Ey yağlı plov, sən hamı aşiqlərə cansan, dillərdə bəyansan. Lakin bizə bir sevgili məşuqi-zamansan, məşhuri-cahansan. Gördükcə səni buğlana-buğlana gələndə taqət hanı məndə. Ətrin gəlir aşbaz səni boşqaba çəkəndə qovurma səpəndə. Əqlim dağılır, ruhum uçur nimçəni görcək, cana, səni görcək. Gəl söhbət edək mən səni, sən də məni görcək, biganədən əl çək. Səndən dəxi mən kəsmərəm heç vəchlə ülfət, ey işvəli nemət. Bir loğma əgər səndən ola aclara qismət, bid’ət qalı bid’ət Həsrət qalacaq vəslinə dərviş ilə sail, ey nikşəmayil. Rəhm eylə məni-zarə ki, oldum sənə mail, ey nimçeyi-kamil. Hər yerdə sən olsan iki min verst sürünnəm, təklifimi billəm. Səndən yana mən ağlayaram, gahi də gülləm, ta görməsəm ölləm. Ol gün ki, sən oldun küreyi-ərzdə zahir, ey teyyibi-tahir. Yanında varam indiyədək hazıri-nazir, əmrində mübaşir. Heyhat ki, mən eşqini bir ləhzə unutmam, ey yari-dilaram. Səndən çəkib əl bozbaşı, ya küftəni tutmam, ülfət gərək itmam xam avam hamam islam. * * * Qafqazda idareyi-məşrutə (Politika söhbəti) Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi: «Padşah sağ olsun, mənə çox korluq verən əvvəla Osmanlı kürdləridir, saniya İran qaçaqları və salisən İrəvan sərdarı Həsən xanın rəşadəti. Padşah sağ olsun, mən bunların heç birindən qorxmuram və ümidvaram ki, bir ay çəkməz bu vilayətə sahib olarıq. Amma padşah sağ olsun, qorxuram axırda işlər şuluq ola, ondan ötrü ki, bu vilayəti biz təsərrüfə götürəndən sonra İranın altmış illik seyidləri ilə bacarmayacayıq». Həqiqətən Paskeviç çox dəqiq adam imiş. Elə ki, dava tamam oldu və hər iki hökumətin mə’murları başladılar «Türkmənçay» sülhnaməsini yazmağa, İranın altmış illik seyidləri hər iki tərəfin mə’murlarına xəbər verdilər ki, Bakı, Gəncə, İrəvan mahalları və Batum mahalının bir hissəsi altmış ildən bəri seyidlərin hökumətindədir və İran padişahına dəxli yoxdur. Bu sözlərinin sübutu üçün seyidlər mə’murlara bir əhdnamə pişnihad elədilər və həmin əhdnamədə guya mərhum Fətəli şahın imzası da var idi. Axırda İran və Rusiya hökumətlərinin mə’murları seyidlərin ərizəsini və pişnihad etdikləri əhdnaməni nəzərə alıb haman ad verilən dörd quberniyanı ağaların ixtiyarında qoydular və həmin fəqərəni sülhnamənin 29-cu fəslində qeyd etdilər. Rus müvərrixlərindən məşhur Smirnovski rus və İran davasının əhvalatını müfəssəl bir surətdə yazıb və seyidlərin əhdnaməsinin surətini eynən həman kitabda dərc edib. Kitabın qiyməti 2 manatdır və satılır Tiflisdə hər bir kitab mağazasında. Xahiş edənlər alıb mütaliə edə bilərlər. Əhdnamənin məzmunu budur: Tarix 1285 hicri 7 şə’ban. Biz, İranın altmış illik seyidləri ki, ibarət olsun yeddi taifədən: taifə «Qurtbasan», «Zoğalı», «Dinməver», «Qatır hürküdən», «Osanlar», «Qarangulu» və «Başı daşlı», həmin əhdnaməni bağladıq bundan ötrü ki, Bakı, İrəvan, Gəncə və Batum vilayətlərini öz aramızda aşağıda yazılan səyaq ilə təqsim edək, ta ki, bundan sonra hər taifə öz qismətinə kifayət edib dəxi özgə taifənin sərhəddinə keçməsin: İrəvan vilayətində Şərur, Qəmərli, İrəvan və Kərnibasar mahalları «Qurtbasan» taifəsinin təhttəsərrüfündə olmalıdır. 2) Tiflis, Borçalı ta ki, Batumun bir hissəsi «Zoğalı» taifəsinin. 3) Qazax, Gəncə «Dinməver» taifəsinin, 4) Cavanşir, Ağdaş «Qatır hürküdən» taifəsinin. 5) Qarabağ, Zəngəzur «Osanlar» taifəsinin. 6) Bakı «Qarangulu» taifəsinin və 7) Naxçıvan, Culfa «Başı daşlı» taifəsinin. Əhdnamənin aşağısında on dörd min yeddi yüz otuz beş seyidin imzası var. Əhdnaməni mərhum Fətəli şah təsdiq edib. Hal-hazırda həmin əhdnamə və seyidlər hökuməti öz küçündədir və rus padişahı seyidlərə heç bir söz deyə bilməz, çünki hər bir vaxt seyidlər əhdnamənin surətini çıxardıb deyirlər: «Bu bizim kağızımız». Seyidlər hökumətinin vəz’i «Məşrutiyyeyi-mərkəziyyədir». İdarənin baş müdiri Gəncədə cənab Hacı Seyiddir. İdarənin bir şö’bəsi Ağstafadadır. Şö’bənin müdiri cənab Hacı Seyid Məhəmməd ağadır. Bəli, on dörd min yeddi yüz otuz beş nəfər altmış illik seyid qarışqası daraşıblar biçarə müsəlmanların canına və deyirlər: biz də sizin atanızın bir oğluyuq, ata və babanızdan sizə hər nə qədər irs qalıb, biz də ona şərikik, gəl qismət edək, hər kəsə nə düşər götürsün: Nəzm Qardaş, gəl indi qismət edək malu-dövləti, Paltar-palası boşla, quru canı sən götür. Gəlsə nə qədr təhvə və ya pişkeş mənim, Dərviş, yolçu, saili, mehmanı sən götür. Sarı inək mənim, xətai pişik sənin, Dişsiz köpəklə sayqılı tulanı sən götür. Pərgu balış, ipək döşək adyallar mənim, Yırtıq çeçim, kənarəli yorğanı sən götür. At ilə qatırı mənə ver, çulları sənin, Eşşəkləri də ver mənə, palanı sən götür. Dörd min qoyun, nə olsa da toğlu, keçi mənim, Altı köpəklə boz çuxa çobanı sən götür. Sınmış tiyan, quplu qazan, çərxi tas mənim, Nazik, zərif şişə kulabdanı sən götür. Xalça mənim, kənara mənim, kəlləci mənim, Yırtıq keçə qırağını pünhani sən götür. Mərhum atandan hər nə qalıb cümləsi mənim, Dul validənlə fövc yetimani sən götür. Sikkə mənim, qızıl, gümüş, almaslar mənim, Puli-siyah rayiçi-İranı sən götür. Dörd çilçirağ, altı böyük lampalar mənim, Nuh əsrdən qayırma bu şəmdanı sən götür. Çaqqı piçaq və şaşqanı, kördanı ver mənə, Dörd bel səpilə əyri orağçanı sən götür Başı böyük bağ ilə otuzbir dukan mənim, Dağ ilə daşu bərrü biyabanı sən götür. Evlər mənim və bağça mənim, çoxdu zəhməti, Çox da darıxma, çöldəki bostanı sən götür. Bağın hamı ağacları başdan-başa mənim, Başdan yuxarı ərşi-müəllanı sən götür. Var-yox pulu burax mənə qardaş xətası var, Baş ağrımaz mütalibi-divanı sən götür. At ilxısılə dağdakı otlaqlar mənim, Nalsız yabını, yonçanı, samanı sən götür. Hər nə münasib olsa gərək qismət eyləyək, Hop-hop ağanı ver mənə Mollanı sən götür. Sən çox danışmaq istəməsən Lağlağı mənim, Hərdəmxəyalı, Mirzə Taraqqanı sən götür. Qızdırmalını tap hələ sərsəm danışmağa, Tazə yazan Dəlini, Mozalanı sən götür. * * * İbadət Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq. Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm. Bir gün getdim məscidə. Məscidə girəndə əvvəl sağ ayağımı qoydum və sonra girib oturdum və fikrimdə də qoymuşdum ki, çıxanda sol ayağım ilə çıxım. Bəli, oturdum. Şəbih gətirirdilər, çünki məhərrəmlik idi. Məscid tamam oldu, a başınıza dönüm, camaat hücum çəkdi qapıya. Mən də istədim çıxam, amma bunu da yadımda saxlamışdım ki, gərək sol ayağım ilə çıxam. Bəli, mən yeridim qapıya tərəf, camaaq qoyurmu? Bu onu basır, o bunu basır, mən də bunu yadımda saxlamışam ki, gərək sol ayağım ilə çıxam. Adam da ki, elə ha basır, mən istədim ki, qayıdıb gözləyəm ki, camaat çıxsın, sonra mən də çıxım, mümkündümü dalı çəkilmək! Bəli, gördüm ki, dal tərəfdən məni basırlar qabağa. Yeridim qabağa, heç bilmirəm hara yeriyirəm, çünki adamlar minib biri-birinin üstünə. Gərəz, məni basdılar qabağa, bir adam da dal tərəfdən məni hey bizliyir ki, tez ol get qabağa. Deyirəm, ay qardaş, qabağa getmək mümkündümü gedim qabağa? Bu heynidə bir adam atılıb mindi mənim boynuma. Dedim, eybi yoxdur, müsəlman məscidində belə işlər də olar. Müxtəsər, basdılar, basdılar, basdılar, bir də gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına çığırır. Dedim, ay qardaşlar, bu uşaq tələf olar eşidən kim? Nə başınızı ağrıdım, yarım saat qədərincə qaldım bu mançanağın içində. Axırda birdən üzüquylu yıxıldım qapının astanasına. Bir-iki adam da mənim üstümdən ayaqlayıb keçdi, amma çıxdım... Bəli, çıxdım eşikə, bir nəfəsimi aldım. Camaat da belə çığırır, belə bağırır, biri urra çəkir, biri uşkürük atır, biri papağını göyə tullayır, biri-birinin boynuna tullanır, biri qaçır, biri qovalayır. Birdən mənim yadıma düşdü ki, gərək sol ayağım ilə məsciddən çıxaydım. Amma yadımda qalmadı hansı ayağım ilə çıxdım. Bunlar hamısı ötüşər, amma ürəyimdə bircə dərd qaldı. Çünki bilmədim hansı ayağım ilə məsciddən çıxdım. * * * Ana dili Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır. Qazı içəri girən kimi mən qabağa yeridim və dedim: salam malik. Cənab qazı mənə cavab verdi: – Ay əssəlam əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşallah-maşallah, əxəvizadə necə müddətdi müntəziri-vücud zicüdiniz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzaci-mübarəkləri salimdir. Mən bir şey başa düşməyib dedim: – Da. Cənab qazı bir qədər baxdı mənim üzümə və yenə başladı: – Əxəvizadə, təhsili-fününinizi əncamə yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülmüəllimə övdət etməlisiniz? Mən yenə bir şey başa düşməyib dedim ki: – Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz. Axund soruşdu: – Neçə? Mən dedim: – Çto? Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: – Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim? Dedim: – Ana, mollaynan biz ana dili danışırdıq. Anam başını saldı aşağa və bir qədər fikrə gedib dedi: – Yazıq ana dili! * * * Tazə xəbərlər «Tərcüman»da yazıldığına görə Almaniya və Fransa ərbab-hünəri bir çox vaxtdır «hava əskərləri» çıxarmaq niyyətindədirlər. Bunu eşidib İran və Osmanlı hökumətləri də çox fikirdən sonra bir neçə firqə «yeraltı əskəri» pərkarlayırlar. Ona cəhət Mərənd, Təbriz və Xoyda olan kənkanlar —quyuqazanlar cümləsi tüfəng altına çağırıldı. Bizə yazıldığına görə Urmi şəhərində bu barədə bir darülfünun bina edildi. Türkiyə tərəfindən İran sərhəd məsələsindən ötəri sərhəddə yığılan əskərlərin cümləsi haman darülfünunda məccanən təhsil edəcəklər imiş. * * * Azərbaycan padşahları Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Azərbaycanda necə padşah var? Bu barədə Almaniya səyyahı Reyngart və inkilis səyyahı Bekker kitablarında yazdıqları mə’lumat biri-biri ilə müxtəlifdir. Reyngart səyahətnaməsinin 65-ci səhifəsində yazır ki, Azərbaycanda 2522 padşah var, amma Bekkerin səyahətnaməsinin 125-ci səhifəsindən anlaşılır ki, Azərbaycanda 2323 padşah var. Həmin iki səyyahın arasında keçən il bu məsələnin barəsində sual-cavab var idi. Reyngart Almaniyada çıxan «Trinxen» qəzetində yazdığına Bekker İnkiltərədə çıxan «Tayms» qəzeti ilə cavab verirdi. Axırda mə’lum oldu ki, Bekker Azərbaycanın Nəmin adında vilayətini nəzərə almayıb və buranın padşahlarını hesaba daxil eləməyib və bu səbəbdən Bekkerin hesabında Azərbaycan padşahlarının sayı 199-a qədər əskik çıxıb. Vaqiən Nəmin vilayətində 199 padşah var ki, bu vilayətdə onlara «xan» deyirlər. Reyngart Nəmin vilayətin barəsində belə yazır: «Nəmin vilayətində 199 xan var və on beş fəqir və biçarə rəiyyət var və burada bir yaxşı hamam var və bu hamamın pakizə suyu var. Hər bir xanın 99 oğlu və 99 əl quşu və 99 tulası var. Xanların binayi xeyirlərindən qırxa kimi darülfünun var və bu darülfünunların xərci güc ilə on beş nəfər kasıb rəiyyətdən alınır və bu məktəblərdə yaxşı elm oxunur, məsələn, «Cinn Yusif», «Məşrubat», «Qumar» və bu vilayətdə rəiyyətlərin əkilmiş zəmiləri də var və hərdən bir xanların könlü gəzmək istəyir, çünki allaha şükür, kefləri kök, damaqları çağ, alacaq var, verəcək yox, quş var, ar yox, tula var, insaf yox, yumruq var, allah yox... Xülasə, a başınıza dönüm, bir gün bu padşahlar, yə’ni bu xanlar adama bir at, 21 tula və bir quş, 21 nökər üz qoydular rəiyyətin əkilmiş zəmilərinə və başladılar bu tərəfdən o tərəfə çapmağa, o tərəfdən bu tərəfə çapmağa. Çəkmədi bir az, zəmilər zir-bəzir oldular və əkinçilər də asudəliyə çıxdılar, çünki dəxi bir zəhmətləri qalmadı və axşam vaxtı Nəmin padşahları, yə’ni xanlar belə əhəmiyyətli fəthü zəfər ilə geri qayıdıb başladılar əvvəl «Qara xallı tulanın iy bilməyini, tərlan quşun ov ovlamağını» müzakirə və mübahisə etməyə və sonra mübaşir oldular eşyi-işrətə. İdarədən: biz belə eşitdik ki, Reyngartın kitabında bu əhvalatı oxuyandan sonra Avropada çox adam ağlayıb. Amma bizlərdə bir belə xəbər qəzetdə ya kitabda oxuyanda öz-özümüzə deyirik: «Maşallah, maşallah!». Uşaqlıqda bir gecə canıma bir birə girib qoymurdu yatam. Çağırdım xalamı və ağlaya-ağlaya şikayət elədim. Xalam mənə dedi: «Bala, yat, əlbət allah belə məsləhət bilib». Dedim: xala, vallah yata bilmirəm. Dedi: «Bala yat, allah məsləhətidir». Dedim: xala, sən allah bu birəni mənim canımdan rədd elə. Dedi: «Bala, yat, əlbət allah belə məsləhət bilib». Xalam belə deyirdi. Mollalarımız da deyir: «Dər dəf’i xədənki-sitəmi-gərdişi-gərdun, behtər ze kifayəti-ilahi sepəri nist». Xanəndə və sazəndələrimiz də hər toy məclisində əvvəl bunu başlayıb oxuyurlar: «Bari xudaya sən özün hifz elə Bu xan balasını, bu şahzadəni». – adamlar da çırtıq tutub oynayırlar. * * * Millət ataları Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Mə’lumdur ki, indi çox yerdə millət ataları bu fikrə düşüblər ki, milləti qabağa aparsınlar və gecə-gündüz gah bu evə, gah o evə cəm olurlar ki, məsləhət eləyib bir iş görsünlər. Belə-belə yığınçaqlara mən yaxşı diqqət eləmişəm. Məsələn, götürək Vladiqafqaz şəhərini. Burada millət ataları bir gecə bu tacirin evinə yığışırlar, o biri gecə bir özgə tacirin evinə, o biri gecə bir ayrısının evinə cəm olurlar. Adını da qoyublar ki, yığışırlar milləti-biçarənin qabağa düşməkinən ötrü bir mərizxanə, ya qiraətxanə açsınlar. Belə məclislər qurulanda indi imtahan üçün gedək duraq akoşqanın qabağında və görək nə danışırlar. Görürsən ki, məclis əhlinin birisi sol əlini qoyub yerə düşüb bir məcməinin üstə və plov yeyir. Heç danışan yoxdur. (Çünki çörək üstdə danışmaq günahdır). Bir qədər durursan, görürsən ki, qonaqların bir ayrısı deyir: «Sağ olsun belə plov bişirən». Ev sahibi də buna belə cavab verir: «Hacı ağa, sədri düyüsünü hər aşpaz bişirə bilməz, sədri düyüsünün xasiyyəti əvvəla budur ki, gərək bişəndən bir gün qabaq su içində qala, yoxsa yaxşı plovu çıxmaz». Sonra ağaların bir özgəsi deyir: «Xeyir, bunların hamısı keçəndən sonra düyünü süzüb qazana qoymaq da çox şərtdir, çünki aşpaz gərək süzmək vaxtını bilə və bir dəqiqə o yan-bu yan olmaya, yoxsa plov xarab olar». Hər bir belə məclisin xərci 20—30 manatdan əskik deyil. İndiyədək Vladiqafqazda on yeddi dəfə bu cür məclislər tərtib verilib və inkilis hesabı ilə hər adam burada iki-üç manatlıq vaxt sərf eləyib (hərçənd bizlərdə vaxt müftədir). Bu hesab ilə on yeddi məclisin xərci bir neçə yüz manat eylər. Bir neçə dəfə də belə-belə məclislər qurandan sonra Vladiqafqaz ataları birdən baxıb görəcəklər ki, dəxi qiraətxana açmağa, ya mərizxanə bina eləməyə cibdə pul qalmadı. «Tazə həyat»dan təvəqqə eləyirik ki, bizdən inciməsin, ondan ötrü ki, biz bu sözləri xeyirxahlıq yolu ilə danışırıq, yoxsa qəsdimiz vladiqafqazlılara sataşmaq deyil. * * * Qayırma hədislər Hərdən bir mənim xəyalıma belə şey gəlir: Kah vaxt olur ki, bir rus, ya qeyri bir millət məndən soruşur ki, peyğəmbəriniz nə vaxt təvəllüd tapıb? Deyirəm: vallah bunu da bilmirəm. Rəfiqim çox təəccüblə genə soruşur ki, çox yaxşı, bunu bilmədin, bəs nə vaxt vəfat edib? Deyirəm: vallah bunu da bilmirəm. Rəfiqim deyir: — Bəs sən necə müsəlmansan? Deyirəm: — Bunu bilməyən tək mən deyiləm. Bunu bütün islam aləmi hələ bilmir. Həqiqət, peyğəmbərimiz nə vaxt dünyaya gəlib və nə vaxt vəfat edib? Biri deyir rəbiəl əvvəlin 12-sində dünyaya gəlib, biri deyir rəbiəl əvvəlin 17-sində dünyaya gəlib. Biri deyir səfərin 28-ində vəfat edib, biri deyir rəbiəl əvvəlin 12-sində vəfat edib. Demək ki, peyğəmbərimizin təvəllüd və vəfatı kimi böyük və aşikar vüquatı, bir belə əhəmiyyətli tarixi biz bilmirik. Bəs biz nə bilirik? İndi gələk qayırma hədislərə. Qapazlı kəndinin mollası rəhmətlik molla Qulaməli həmişə deyərdi ki, peyğəmbərimizdən rəvayətdir ki, nəuzu-billah, xörəyi əl ilə yeyəndən sonra barmaqları yalamağın çox feyzi var. Soruşardıq ki, cənab molla, bunu sən haradan bilirsən? Cavab verərdi ki, bir belə hədis var. İndi mənim xəyalıma bu gəlir ki, peyğəmbərin təvəllüd və vəfat tarixini doğru bilməyən bir millət yüz minlərcə hədislərin doğru və yalan olmasını nə cür bilsin? Amma allah molla Qulaməliyə rəhmət eləsin. * * * Azarlamaq İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm». Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür. Amma indi bilirəm ki, bu cavabların hansı düzdür. Dünən cənab Şeyxülislam «institut» məktəbində müsəlman qızlarının birindən soruşub ki, «Pəs niyə anan bu gün məktəbə gəlmədi?» Qız cavab verib ki, «anam azarlıdır». Cənab şeyx qıza diqqət tutub ki, «belə deməzlər, deyərlər «naxoşluyub». Yazıq qız adamların içində çoxluca utanıb və qızarıb, çünki eşidənlər elə güman ediblər ki, biçarə qız səhv eləyib. İndi mən bildim ki, «azarlayıb» sözü danışmaq səhvdir və indi bildim ki, lazımdır demək «naxoşlayıb». Yoxsa çox vaxt adam bunları bilməyəndə ayıb olur və danışanda qələt danışır. Amma indi mən bildim. * * * Veyillər Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa. Şuşa naçalniki qubernatora belə cavab verib ki, bekar adam tapılmadı ki, gəlib çəkirtkəni qırsın. Bəli, bekar adam tapılmadı. Bekar adam tapılmadı. Yə’ni naçalnik deyir ki, müsəlman içində bekar adam tapılmadı... yazıq naçalnik! Yazıq naçalnik, gəl səni aparım Naxçıvana, bir gör nə var, nə yox? Gəl sənə xəbər verim Naxçıvan veyillərindən. Naxçıvan vilayətinin bir gözəl şəhəri var, adı Naxçıvandır. Bu gözəl şəhərdə bir meydan var və bu meydanın adına «Darmayed» meydanı deyirlər. Naxçıvan şəhərinin bəyləri gündə iki dəfə yığışırlar həmin meydana: bir günorta vaxtı, bir də axşam vaxtı və başlarlar söhbəti. Məsələn, biri deyir ki, «sərdar Naxçıvana gələndə bahar idi», o biri deyir ki, «xeyir, payız idi», bu deyir «xeyir, bahar idi», o biri deyir «xeyir, payız idi». Genə bu deyir «xeyir, bahar idi», genə o biri deyir «xeyir, xeyir, payız idi». Sonra bu biri deyir «gəl mərc eliyək», o biri də deyir «gəl mərc eliyək». Bu deyir «nədən?», o biri də deyir «nədən?». Genə bu deyir «nədən?», genə o biri soruşur «nədən?». Bu biri deyir «yarım kirvənkə tut qurusundan», o biri deyir «yox, bir rumka araqdan». Qərəz, mübahisə çəkir axşama. Axırda bəhs edənlərin birini Əli bəy çəkib aparır, o birini Vəli bəy çəkib aparır. Sabahkı günü genə yığışırlar. Genə həman söhbət düşür ortalığa. Birisi deyir ki, Sərdar Naxçıvana gələndə gül vaxtı idi, hətta əlimdə bir dəstə gül var idi. Dedilər Sərdar gəlir, gülü qoydum baqqal kərbəlayi Ağanın dükanına və qaçdım tamaşaya». O biri deyir ki, «xeyir, gül-zad yox idi, yemiş vaxtı idi, hətta kərbəlayi Həsənqulu yemiş çuvallarını yükləmişdi eşşəyə və körpünün üstündən keçirdi, hətta bu da yadımdadır ki, bashabas düşdü, eşşək yıxıldı palçığa, mən də o qədər güldüm, o qədər güldüm ki, az qaldı ki, mən də yıxılam palçığa». Həmin mübahisə hələ indiyə qədər genə qurtarmayıb, hələ indiyə kimi mə’lum deyil ki, Sərdar nə vaxt Naxçıvana gəlib. Belədi! Şuşa naçalniki deyir ki, müsəlman içində bekar adam tapılmır. Elədi! İndi, ay cənab naçalnik, gələsən Naxçıvanın veyillərini qatovlayıb aparasan bir günün içində Qarabağın çəkirtkəsini qırıb qurtarsınlar?! Amma aparsan, yadında qalsın, keçən il kimi bu yazıqları da ac qoyma. Çörək göndər yesinlər. Bəli, müsəlman içində bekar adam tapılmır. Belədi! * * * Hamam Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır. Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!.. Beş ildən bu yana gör nələr əmələ gəlib, nə qədər işlər dəyişilib. Rus-Yapon davası olub, İrana hürriyyət verilib, erməni-müsəlman davası düşüb, qəzetələr çıxıb, səliqələr artıb, gözlər açılıb, qulaqlar xırdalıb, başlar yekəlib... gərəz. Bəli, eşitdim ki, bir müsəlman tazə hamam tikdirib və yəqin elədim ki, bu müsəlman əlbət qabaqca gedib Tiflisdə və ya qeyri bir yerdə hamamlara tamaşa eləyib və oradan qayıdanda yanınca bir ustad gətirib, plan çəkdirib və insana layiq bir hamam tikdirib ki, insanlar gəlib orada təmizlənib getsinlər. Getdim hamamın tamaşasına... Hamama baxıb qayıtdım və yol ilə gələ-gələ çox fikir elədim ki, mən bu işləri başa düşmürəm, çünki tutaq ki, mən bu hamamı bəyənmirəm, amma mən bəyənməyəndə nə olar və tək birçə mən bəyənməmək ilə məgər xalqın hamamına pis demək olar? Tutaq ki, mən bəyənmirəm, bəlkə, məsələn Ordubadın qırmızısaqqallılarından ötrü bu hamam əla bir hamamdır və bəlkə yəqin də belədir!?.. Amma bircə burası var ki, Ağdam lap müsəlman hamamıdır... * * * Ticarət və ekonomi xəbərlər Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir. Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil. Qəndin putu indi gedir altı manata. Əgər adam bunu qabaqca bilsə ki, müsəlmanları günlərin bir günü şeytan yoldan çıxardacaq və deyəcək ki, uşaqlarınızı qoyun dərsə, və müsəlmanlar da şeytanın sözünə aldanıb hamısı birdən başlayacaqlar metrik şəhadətnaməsi çıxartmağa və bir şəhadətnaməyə qazıların evinə bir kəllə qənd göndərməyə, — əgər adam bunu qabaqca bilə bilsə, var-yoxunu yığıb verər qəndə və doldurar ambarlara ki, bahalananda satsın qazan- çına, çünki əgər Qafqazda erməni və gürcü uşaqlarına verilən metrik şəhadətnamələrinin dörddən biri müsəlman uşaqları üçün alına, yəqin ki, bir ayın içində qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqcadan bilmək çətindir, odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil. Və burada heç özgə bir çarə yoxdur, ondan ötəri ki, nə yolları bağlamaq olar ki, qənd bahalansın, nə müsəlmanlara zornan metrik şəhadətnaməsi aldırmaq olar ki, qənd bahalansın. Fərasətli tacirlər bunu yaxşı bilirlər, və bu səbəbdən ağıllı-başlı adamlar qənd alış-verişinə girmirlər. * * * Amma tüfəng və patron alış-verişi belə deyil. Elə vaxt olur ki, berdanka tüfənginin biri gedir otuz manata, patronun biri gedir bir şahıya, dörd qəpiyə. Şüurlu və təcrübəli adamlar var-yoxlarını cəm eləyib verirlər tüfəngə və patrona və bir xəlvət yer tapıb gizləyirlər, və bunu da bilirlər ki, indi tüfəngə və patrona hörmət qoyan yoxdur, ondan ötrü ki, indi sakitlikdir, dava-zad yoxdur və bunu da yəqin bilirlər ki, əgər birdən erməni-müsəlman davası düşsə tüfəngin biri qalxacaq dörd yüz, beş yüz manata, patronun biri gedəcək yarım manata. Burada iş asandır, çünki lazımdır ki, bir erməni bir müsəlmanı öldürsün, yainki bir müsəlman bir ermənini öldürsün və bunu da biz bilirik ki, əgər bir müsəlman bir ermənini, ya bir erməni bir müsəlmanı öldürsə haman saat erməni-müsəlman davası başlanacaq. Odur ki, fərasətli tacirlər qənd alış-verişinə girmirlər və səbəbi də budur ki, zornan nə yolları tutmaq olar ki, qənd bahalansın, nə də zornan müsəlmanlara metrik şəhadətnaməsi aldırmaq olar. Və lakin erməni müsəlman davasını saldırmaq çox asandır. Belə tutaq ki, mən üç min manat mala qoyub yüz tüfənk yığıb saxlayıram və min manat verib ikirmi min patron yığmışam. Əgər erməni-müsəlman davası düşsə, mən tüfəngin birini satacağam dörd yüz manata və patronun birini satacağam yarım manata, yə’ni bir neçə günün içində mən azından otuz min manat pul qazanacağam. Və mən bunu da bilirəm ki, bir erməni bir müsəlmanı, ya bir müsəlman bir ermənini öldürən kimi dava başlanacaq. Dəxi bundan da asan iş yoxdur: heç olmasa bir bekar adam taparam və əlinə on manat, ya yüz manat itələyib deyərəm: erməni qardaş, get bir müsəlman öldür, yainki müsəlman qardaş, get bir erməni öldür, vəssəlam. Və bunu yəqin bilirəm ki, dava başlanacaq. * * * Bu qədər var ki, qənd alış-verişi faydasız işdir. Odur ki, ağıllı adamlar qənd alış-verişinə girmirlər. * * * Bağ «Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix». Sədi. Mən indi uzaxdan eşitdim ki, bir İran fəhləsi çığırır və haray təpir, yəqin elədim ki, onu nəyibin biri tutub istəyir söysün. Mən həmişə bu cür görmüşəm: nəyib, yanında fərraşlar, əlində ağac, qazı-qazı gəzir. Bir də görürsən fərraşlar uzaqdan bir fəhlə görüb alıcı quş kimi çumuldular biçarənin üstünə, və tutub gətirdilər nəyibin yanına. – Gədə, biletin var? – Xeyir, ağa. – Gədə, soyundurun bunun paltarını! Fəhlənin paltarını hərraca qoyub satacaqlar ki, biletin pulu çıxsın. Bəzi vaxt belə də olur ki, fəhlənin əlində bileti də olur, amma genə qabağına bir bəhanə itələyəcəklər ki, məsələn, bu bilet sənin deyil və bu tövrinən genə bir-iki manat qopardacaqlar. Hansı bir konsula bunu desən, cavab verəcək ki, «Pə, baba, mən neyləyim, qanundan kənar bir əməldir ki, nəyiblər tuturlar, dəxi mən neyləyim?» Amma iş özgə cürdür. Dünən İran məmurlarının birinə rast gəldim, soruşdum ki, sənin mənsəbin nədir? Cavab verdi ki, nəyibəm. Sual: — nə qədər məvacib alırsan? Cavab: — Hər nə qədər ki, təzkirə xərc versək, birinə bir manat bizim məvacibimizdir. Sual: — bu nə olan işdir? Cavab: — Vallah heç özüm də bilmirəm, ancaq onu bilirəm ki, konsul bizə məvacib verməz. Sual: — sizin məvacibiniz dövlətdən nə qədərdir? Cavab: — Ayda yüz manat. Sual: — bəlkə siz heç təzkirə xərcə verə bilmədiniz, onda nə yeyəcəksiniz ki, ölməyəsiniz? Cavab:—Vallah, doğrusu, onda hansı iranlıya rast gəlsək tutub zornan və səbəbsiz dərisini soyacayıq. Sual: — bə İranın məşrutiyyəti necə oldu? Cavab: — pa, rəhmətliyin oğlu, elə məşrutiyyət Mirzə Rza xanları, Mirzə Ələsgər xanları və qeyri konsulları başa verdi, qaldıq biz? Nə danışırsan, rəhmətliyin oğlu? Bəlkə də konsullarda o qədər də günah yoxdur. Bəlkə onların günahı məhz budur ki, bunlar rəiyyətin bağından ancaq bir alma yeyirlər. Amma söz buradadır ki, konsul bir alma yeyəndə, nəyib də alma ağacını bərətini köküdən çıxardır. Və necə-necə illərdi ki, İranın alma ağaclarını dibindən çıxardıb yan-yana yıxıllar. Kimlər? Kimlər? Haman bağın bağbanları!.. * * * Görəsən Mənim xəyalıma bir şey gəlir: «Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi. Görəsən həmin möhtərəm hacıların cibindən öz vilayətlərində ildə neçə qəpik pul çıxıb girir fəqirlərin cibinə? Bekar müsəlman qardaşlardan təvəqqə edirik bizim bu sualımıza cavab yazıb göndərsinlər idarəmizə. * * * Vurhavur Hərdən xəyalıma belə bir şey gəlir: Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir. Keçən səfər ayında İranda idim. Ərdəbil şəhərində bazar ilə keçirdim. Gördüm bir nəfər adamı hər çatan ağac ilə, daş ilə, təpik ilə döyür. Xülasə, o qədər döydülər ki, ölüm halında düşdü. Xəbər aldım ki, bunun təqsiri nədir, dedilər «çörəkçidir, çörəyi yaxşı bişirməyib». Oradan gəldim Bakıya, bir nəfər rəfiqim ilə Təzəpir məhəlləsi ilə keçirdim, gördüm bir nəfər adamı otuz, bəlkə qırx müsəlman araya salıb döyürlər. Soruşdum ki, bunun təqsiri nədir, cavab verdilər ki, qəribdir, özü Ordubad əhli, adı Heydərdir, döyənlər də bakılıdırlar. Bəs axır niyə döyürlər? Cavab verdilər ki, bir bakılı ilə sözə gəlib, biri-birini söyüb, qalan bakılılar da qeyrətə gəliblər. Qərəz bu da belə. Sonra yolum düşdü Gəncəyə — döyürlər, vurhavur, yolum düşdü İravana—vurhavur, hər yana vurhavur. Müxtəsər, bir yana ki, gedirsən, əgər istəsən biləsən ki, bura müsəlman aləmidir — bax gör: əgər iyirmi-otuz müsəlman bir yerə yığışıb bir adamı döyür bil ki, müsəlman vilayətidir. Xülasə vurhavur... * * * Zərafət Hərdən mənim xəyalıma belə bir şey gəlir. «İrşad»ın sütunlarında gözümüzə sataşdı ki, iki il bundan irəli Bakıda aclar üçün cəm olunan qırx beş min manatın yarısı xərcləndi, amma yarısı hələ xərclənməyib durur. Yenə «İrşad»ın bir özgə nömrəsində oxuduq ki, Zəngəzurda müsəlman övrətləri özlərini suya atıb boğurlar ki, balalarının acından ölməyini gözləri görməsin. Əgər bu sözləri qeyri millətlər «İrşad» qəzetəsində oxusalar, deyəcəklər ki, bu yazılanın ikisindən biri zarafatdır, çünki əgər doğrudan ianə komitəsinin sədri hacı cənablarının sandığında qırx beş min manatın yarısı durur, elədə Zəngəzur övrətlərinin suda boğulmasını zarafat ilə yazıblar, ya da ki, bu axırıncı fəqərə doğru olsa, elə də pulun kassada yatması zarafatdır. Amma bizlər bu işləri qəzetdə oxuyub görürük ki, ikisi də doğrudur. Yə’ni həmi pulların yarısı durur, həmi aclar acından ölür və bunların heç birisini biz zarafat hesab eləmirik. Söz yox, qəzetdə yazılanların heç biri zarafat deyil. Amma bunları görəndə adamın fikrinə belə gəlir ki, biz müsəlmanları allah-taala zarafat üçün yaradıb. * * * Töhvə İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir. Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır: əş...............370 cəmadi.........58 vərcəba......212 təri............210 əcəba..........72 cəmi eylər 1326 ki, bu ildə İran və Osmanlı inqilabı başlayıb. Müəllim cənablarının sözündən bu çıxır ki, hər bir Hacı Həsən Naxçıvanda və Feyzi cənabları İstambulda əgər istəsələr hər bir hədisin kəlmələrini bir-birinə çalıb bilərlər ki, bundan da sonra dünyada nə böyük vüquat əmələ gələcək. Mən elə bilirəm bu cür oyunbazlıqlar hədislərin üstünə gülməkdir. Və bir də əbcəd hesabı natəraş hesabdır. Hürufatı əbcəd hesabına götürərsən birdən görərsən ki, məsələn axırda çıxdı otuz, yə’ni otuz ildən sonra camaatımız gözünü açıb görəcək ki, Məşədi Həsənlərin və Feyzi cənablarının əbcəd hesabları millətı qaranlıqda saxlayan düşmənlərin ən böyüyü imiş. «Şəms» ruznaməsində yazılan əbcəd tapmaçası şeyx Əbülhüdaya və Danabaş kəndinin prixod mollasına yaraşan şeydir. Amma indiki zəmanədə Balkan vüquatının müqabilində bu cür pərpuçatı məşğələ etməyi biz müəllim Feyzi cənablarından gözləmirdik. Doğrudan da ayıbdır. * * * Qəribə günə qaldıq Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur. A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq. * * * Miyanə Miyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir. Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq. Bu şəhərin mö’tədil havası, vəsih və xoşayənd mənzərəsi vardır. Ələlxüsus, bu şəhərin çox arif, çox həlim və xoş adamları vardır ki, hər kəsin üzünə baxıb o saatda bilirlər ki, nə hörmətə layiqdir və nə karın sahibidir. Belə ki, Mirzə Həsən ağa (əstəğfürulla, Təbriz müctəhidi) Təbrizdən qaçan vaxt ki, istəyir Tehrana getsin, lazım olur ki, haman Miyanə şəhərinin içindən keçsin. Miyanə ürəfa və danişməndanları baxəbər olaraq o saatda fəhm edirlər bu cənab nə tövr adamdır. Binaən əleyh çünki ağa müsibət övzali sayılır və Təbriz acısı hənuz dimağındadır. Lazım bilirlər ki, ağanı şadyanalıq ilə pişvaz etsinlər. Vaqe’də Miyanə camaatı çox arif adamlardır ki, hər kəsi öz şə’ninə layiq pişvaz edirlər. * * * Təəccüb Doğrudan çox təəccüb ki, necə qorxmurlar? «Din və məşəqqət» məcmuəsi 6-cı nömrəsində yazır ki, «bu Avrupa müqəllidləri — bə’zi müdərris və müəllimlər ki, övrətlərini və qızlarını götürüb teatrlara gedirlər — bunlar yomul-məhşərdə xuda hüzurunda rüsvayi-aləm olmaqdan necə qorxmurlar?» Doğrudan, necə qorxmurlar? Mən də həmişə təəccüb eləmişəm ki, bizim Qafqazda da bir para Avrupa müqəllidləri və Avrupa elmlərini oxuyanlar övrətlərini və qızlarını götürüb teatrlara aparırlar. Doğrudan, görəsən bunlar məhşər günü rüsvayi-cahan olmaqdan necə qorxmurlar? Çox, çox və çox təəccüb eləyirəm ki, necə qorxmurlar. Ay başın batsın! * * * Müjdə Sünnü və şiə ittihadı tərəfdarlarına müjdə: Bu axır vaxtlarda qəzetlərdə ha oxuyurdum ki, gərək biz gecə və gündüz çalışaq sünnü-şiə təfriqəsini aralıqdan götürək. Amma mənim fikrimə bir belə şey gəlirdi ki, doğrudur sünnü və şiəliyi aralıqdan götürüb ancaq müsəlman olmaq lazımdır, bununla belə, nə lazım ki, bu yolda həmi gecə çalışmaq, həmi gündüz çalışmaq? Gecəni allah qaranlıq yaradıb ki, məxluq yatıb dincini alsın, məyər kifayət eyləməzmi ki, bircə gündüzlər çalışıb gecələri rahət olmaq? Mənim sözümə baxan olmadı və genə qəzetlərdə oxuyurdum ki, «Müsəlmanlara lazımdır gecə-gündüz ittihad yolunda çalışıb biri-birlərinə arxa olmaq və nifaqı aradan götürmək». Amma mən bilirdim ki, bədnəzərin bəd nəzərindən qurtarmayacayıq, bilirdim ki, axırda bizə göz dəyəcək. Elə belə də oldu. Məsələn, bu günlər Qazax şəhərində şiələrin mədrəsəsindən üç sünnü uşağını çıxarıb qovublar, məhz o səbəbə ki, bu uşaqların üçünün də adı Ömərmiş. Əgər bu xəbər yalandır, Qazax şiələrinin vəbalı olsun bu sözü yalandan icad edənin boynuna, əgər doğrudursa, şiələri tapşırdım yeri, göyü çox yerdən yaradan bir allaha. İkinci müjdə də budur ki, Tiflis şəriətmədarlarımız qərar qoydular ki, açılmağı nəzərdə olan təzə ruhaniyyə mədrəsəsinin adını qoysunlar şiə məktəbxanası və oraya sünnü tələbələrini qəbul eləməsinlər. Mən bu sözləri burada ondan ötrü yazıram ki, bir də bir işə çalışanda gecə və gündüz çalışmamaq, çünki adama göz dəyər, bircə gündüzləri çalışmaq kifayətdir. Yoxsa bu neçə ilin müddətində qəzetlərdə və məclislərdə həmişə çığır-bağır salmışıq ki, «Ay müsəlman qardaşlar, gecə də və gündüz də gərək sə’y edək müttəfiq olaq». Gecələr sizə peşkəş olsun. Bircə gündüz çalışsaq bəsdir. * * * Mürəkkəb (Əz ehkami-nəcasat) Üləmamızdan rica edirəm ki, bu nöqtəyə diqqət edib bəndeyi-həqirin bu məsələsinə cavab iltifat buyursunlar. Məsələ Necə ki, mə’lumdur bu axır vaxtlarda cənabani qazilərimiz başlayıblar qur’anı türk dilinə tərcümə etməyə. Hələ tərcümə etməyi onlara güzəşt olsun, hərçənd ki, etməsəydilər dəxi də yaxşı olardı. Amma sözümüz çap barəsindədir. Dünya və aləm buna şahiddir ki, haman qazi cənabları hələ tərcüməyə iktifa eləməyib, başlayıblar tərcümə etdikləri quranı rus və gürcü mətbəələrində çap eləməyə. Mə’lum şeydir ki, mətbəənin mürəkkəbi nəcsi-məhzdir, hər bir kəsin mətbəəyə yolu düşüb, öz gözü ilə görüb ki, rus və gürcü əmələləri öz əlləri ilə mürəkkəbi götürüb sürtublər maşının dəstələrinə və bu minval ilə aylar və illər uzunu qur’anın səhifələrini çap eləməyə məşğul olublar. Bundan əlavə haman mürəkkəbi əcnəbilər nə bilim nə yağlardan, nə bilim nə zəhrimardan qayırıblar ki, hələ üfünətindən adamın başı çatlayır. Halbuki mürəkkəb barəsində ağayi Şirazi öz kitabının 25-ci səhifəsində belə buyurubdur: «Ba mürəkkəbi-nəcs əmdən qur’an nəviştən həram əst». Yə’ni nəcs mürəkkəb ilə qur’anı yazmaq haramdır. Dəxi bundan aşkar mətləb olmaz. Üləmayi-kiramdan bu məsələyə cavab gözləyirəm. * * * Bayqot Allah heç bir kəsi müsəlmanların bayqotuna giriftar eləməsin. Özgə yerlərin bayqotu hələ ötüşər, amma bu İrəvan, Naxçıvan və xüsusən Ordubadın bayqotu lap adamın evini yıxır. Bu hamıya mə’lumdur ki, cəmi qəzetləri saxlayan şəhərlər içində ancaq İrəvan, Naxçıvan və Ordubaddır. Bu üç şəhərə o qədər qəzet və jurnal gəlir ki, hələ poçtdan savayı dəmir yol ilə qəzetlər tay-tay ilə göndərilir. İndi gəl ki, xudanəkərdə bu üç şəhərin biri, məsələn bir qəzet ya jurnalı bayqot elədi!.. Dəxi o qəzetin evi yıxıldı. Gərək dinməz-söyləməz qəzetini bağlasın. Məsələn, bir neçə il bundan irəli ordubadlılar «Molla Nəsrəddin»i bayqot elədilər. Bayqotdan qabaq Ordubada üç nəfər adama jurnal gedirdi. Amma di gəl ki, Ordubaddan səkkiz yüz nəfər adam xəbər verdilər ki, dəxi «Molla Nəsrəddin»i almayacaqlar. İndi gör bizə nə qədər zərər dəydi. Ordubadda bayqotdan qabaq üç abunəmiz var idi. Amma bayqotdan sonra dörd abunəmiz qaldı. İndi də eşidirik ki, irəvanlılar bir qəzetdən küsüb bayqot eləyirlər. Söz yox ki, haman qəzetin evi dağıldı. Hərçənd o qəzetdən İrəvana qabaqca dörd dənə gəlirdi, amma indi dörd yüz nəfər adam bayqotnamə qayırıb e’lan ediblər ki, «dəxi biz o qəzeti almayacağıq». Vallah kişinin evi yıxıldı. Söz yox gərək idarəni bağlaya. * * * Şəriət istəriz Osmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir. «Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış. Axırda da ki, «Şəriət istəriz» adlı firqəyə daxil olub başlayıb çığırıb-bağırmağa ki, «hürriyyət və idareyi-məşrutə şəriətə xilafdır». Belə də gərək olsun və özgə cür ola bilməzdi. * * * Çarə Çarə, çarə, aman günüdür, bir çarə, İranın pulsuzluğuna bir çarə! Cavab: Qadanı alım, niyə ürəyini sıxırsan ki? Bu nə bir çətin şeydir ki? İranda hər nə qədər dəmir mə’dəni var, tez işə salıb işlətsinlər ki, məhərrəmlikdə zəncir vuranların zəncir dəmiri xaricdən gəlməsin və Həştərxanda «Müzəffəriyyə» məktəbində uşaqlara zəncir vurmaq tə’limini verəndə rusların çurdar zəncirini almağa məcbur olmasınlar. Çarə, çarə, çarə, aman günüdür, bir çarə. Mən nə edim ki, məsciddə ya əncüməndə nitq söyləyəndə sözümün tə’siri olsun? Aman günüdür, mənə bir çarə! Cavab: Başına dolanım, heç darıxma, bundan asan bir iş yoxdur. Lazımdır ki, tumanbağın elə uzun olsun ki, Təbrizdə Şeyx Səlim kimi əncümənə ya məscidə daxil olanda tumanbağın səndən qabaq atılıb düşsün. O və’də sən olarsan məşhur vaiz. Çarə, çarə, a Molla əmi! Aman günüdür mənə bir çarə. İstəyirəm Bakıda məni şəhər idarəsinə üzv seçsinlər. Nə çarə edim ki, mən də seçilim? Aman günüdür mənə bir çarə. Cavab: O gözlərinə Molla əmin qurban olsun, niyə qüssə eləyirsən. Bundan asan ki, bir iş yoxdur. Bunun çarəsi budur ki, cibində pulun olsun, lakin peysərinin gönü nə qədər qalın olur olsun, genə səni seçəcəklər. Çarə, çarə, ay Molla əmi, bə mən çarəyi, bə mən çarəyi, ax, dad, fəryad, mən nə çarə edim ki, Tehranda Nəyibüssəltənə olum? Aman günüdür, ay Molla dayı, mənə bir çarə! Cavab: Əzizim, nahaq yerə təşviş edirsən, mən sənə bir yol göstərim, əgər fayda verməsə, Aşqabad «müqəddəs»lərinin vəbalı İravan müqəddəslərinin boynuna olsun. Bunun çarəsi budur ki, əcnəbi səfarətxanalarına bir şipyonluq yolu aç və biçarə vətənin sirlərini apar ver düşmənlərə, bundan yaxşı vasitə mən tapa bilmirəm. * * * Dərd Vallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb: «Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb. Bəli, keçək mətləbə. Onu demək istəyirdim ki, sözünü saxlayıb deməyən namərddir. Qorxunu mülahizə edib dərdi içəridə saxlamaq müsəlman arvadının sifətidir. Dərdməndi ki, konəd dərdi-nəhan pişi-təbib Dərd-ubbisəbəbi qabili-dərman nəşəvəd. Sözüm budur ki, Osmanlıya və İrana məşrutə veriləndən bu yana İstambulda və Tehranda müsəlman övrətləri yavaş-yavaş başlayıblar başlarını çuvaldan eşiyə çıxardıb ətrafa tamaşa eləməyə. Bunların bir parası əlsiz-ayaqsız bacılarına kömək eləmək fikrinə düşüblər ki, onların aclarına çörək paylasınlar, dərssizlərini dərsə qoysunlar. Hətta Tehranda bacılarımız bir yerə cəm’ olub İranın borc məsələsinə qarışıblar və öz var-yoxlarını vətən yolunda fəda etməyə razı olublar. Bəli, işlər öz yolu ilə gedirdi və heç danışıq-manışıq yox idi. Çünki çuval öz yerində durmuşdu, bacılarımız ancaq çuvaldan başlarını çıxardıb bu işlərə məşğul olurdular. Yoxsa əgər xudanəkərdə bunların birisi cür’ət edib çuvaldan çölə çıxaydı, İstambulda da olsaydı, daşqalax edərdilər. Zarafat eləmə, qardaş, buna müsəlmançılıq deyərlər. Odur, Xivədə bir oğlan bir qıza aşiq olmaq ilə hər ikisini dar ağacından asıblar. Axırda Kəsmai gəldi çıxdı Tehrana və Sərdar Mənsurun və Muəzissultanın pulu ilə başladı «Vəqt» qəzetəsini çıxartmağa və haman qəzetənin 21-ci nömrəsində Molla Mə’sum kimi başladı camaata nəsihət eləməyə ki, bundan sonra çuvaldan başlarını çıxardan övrətlərin başından vurub dubara çuvala soxsunlar. İndi haman Kəsmai deyir ki: Rəftə rəft əmma bəray bə’d qəmxari konid! Yə’ni, hərçənd övrətlərimiz bir qədər atılıb düşüb bizi mö’minlər içində biabru elədilər, əmma bundan sonra dəxi onlara fürsət verməyin! Aman günüdür, verməyin!.. Kəsmai, Kilanda bir kənddir. Bir vaxt hansı bir İran zalımı gəlib bu kəndi talan eyləsin, biçarə rəiyyət yalvarıb ki, «Sən allah bari uşaqlarımızın başını kəsmə». Kəndin adı o və’dədən qalıb Kəsmai. Amma mən elə qanıram ki, burada açıq zad yoxdur. Biçarə belə başa düşür. * * * Yeni bir qit’ə, yaxud supalar çölü Avropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş. Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış. * * * Açığnan Töhfətül-məcalis kitabında yazılıb ki, ziyarətə getmək insanın özü ilə deyil, qismət ilədir. Yə’ni kimə qismətdir, imam onu çağıracaq, kimə qismət deyil, canı çıxsa da ziyarətə çata bilməyəcəkdir. Kitab sahibindən təvəqqe edirik ki, bizi bağışlasın, bir az səhvi var. Ziyarətə getməyin bir üsulu vardır ki, ibarət olsun «açığnan» getməkdən. Bunu mən yaxın vaxtlarda bilmişəm, əhvalat bu qərarilədir: «Qurtqapan» kəndində bir allah bəndəsi var, adı Məşədi Abdulladır. Həmin Məşədi Abdulla bir kasıb adamdır, sənəti də kərpic kəsməkdir. Qışda mənə bir neçə min kərpic lazım oldu, Məşədi Abdullaynan danışdıq ki, bayramdan on gün gedəndən sonra gəlsin bizim həyətdə kərpic kəssin. Sonra eşitdim ki, Məşədi Abdulla gedib Məşhəd ziyarətinə. Bu günlərdə dedilər ki, Məşədi Abdulla ziyarətdən qayıdıb. Adam göndərdim ki, ustanı çağırsınlar gəlib kərpici kəssin. Göndərilən adam cavab gətirdi ki, Məşədi Abdulla genə gedib Məşhədə ziyarətə. Mən inanmadım, çünki bu rəhmətliyin oğlu axı ziyarətdən təzə gəlmişdi. Mən özüm getdim ki, görüm nə işdir və Məşədi Abdullanın qardaşı Məşədi Rəmazana rast gəldim və işin həqiqətini öyrəndim. Mə’lum oldu ki, Məşədi Abdulla bu dəfə məhz açığnan ziyarətə gedib. Səbəb də bu olub ki, ziyarətdən qayıdıb gələndən sonra, Məşədi kəmə’tiqad müəllim Mirzə Cəlilə rast gəlib. Mirzə başlayıb Məşədi Abdullanı məzəmmət eyləməyə ki, sən nə eyləyirdin məşədi ola-ola ziyarətə getməyi və kasıb adam ola-ola, evladının və əyalının ruzusunu İran tamojnalarına səpirdin»? Qoçum Məşədi Abdulla bu məzəmmətin qabağında müəllim Mirzə Cəlilə cavab verib ki; sən ki, belə deyirsən, mən də açığnan genə gedəcəyəm ziyarətə. Dedi də, üç gündən sonra getdi də. * * * Gözüm aydın! 20-ci ildə İran parlamanının açılması. İranda güşad oldu parlaman, gözüm aydın! Şad oldu yenə millətı-İran, gözüm aydın! Təşrif aparır mərkəzə üç yüz nəfər əlqab, Qalın döşək üstündə çökür sahibi-adab, Söhbət evini sazladı xan, bəy, ağa, ərbab, Aldı əlinə fürsəti bəy, xan, gözüm aydın! Düşdü işə avazeyi-qəlyan, gözüm aydın! Adab ilə məclisdə çökür məs’ələdanlar, Başın sökəmiş masaya qarnı yekə xanlar, Hərdən gəyirir qurbağatək fildəhanlar, Tapmışla maaş almağa ünvan, gözüm aydın! Açmış hacılar bir yekə dükkan, gözüm aydın! Mənzuru var əlbət, bura gəlmiş həzəratın, Bişübhə, hüququn verəcək əhli-dəhatın, Hər fərdi beş-on kəndə ağa bu həşəratın, İstər yenə də sormağa bir qan, gözüm aydın! Əvvəl nə idi, eylədir əl’an, gözüm aydın! Nitq eyləməyə başladı iranlı dadaşlar, Qurdu tələsin xalqa parlamançı dadaşlar, Söz makinasın sazladı hədyançı dadaşlar, Başlandı keçənlərdəki hədyan, gözüm aydın! Şad oldu yenə millətı-İran, gözüm aydın! * * * Edərəm Seçki vaxtı bütün təyyarələr mitinglərə intibahnamə tökmək və natiqlər göndərmək üçün Lloyd Corcun ixtiyarına verilmişdi. Qoca kərkəs kimi təyyarədə pərvaz edərəm, Zurnamı harda miting olsa düşüb saz edərəm! Çəkərik ortaya hər seçkidə dilxahımızı, Yığarıq başımıza hər gecə həmrahımızı, Min fırıldaqla gərək şad edək allahımızı, Harda olsa ona bir mənqəbə avaz edərəm! Cəbr, təhdid, başaldatma bizə adət olub, Xalq başdan-başa təbliğimizdə alət olub, Bizdə seçki və parlaman quru rəsmiyyət olub, Bu da gər olmasa min fitnələr ibraz edərəm! Topla işğal edilən qul, kölə, müstəmləkələr, Əlimizdə cücətək alət olub sinfi-bəşər, Ayaq altında qalıb işçi, bütün can çəkişər, Mən isə ruhuna min fatihə pərdaz edərəm! Seçilən biz, hamı yerlərdə seçənlər də bizik, Dinü məsləkdən həqiqətdə keçənlər də bizik, Acların qanını şərbəttək içənlər də bizik, Xuni-məzlum ilə balidələnib naz edərəm! * * * Birik Lloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir. Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik, Hamımız cib kəsirik, hiylə, xəyanətdə birik! Hamımız qan içərik, can basarıq mənfəətə, Ağalıq eylərik hər on lotu bir məmləkətə, Salmışıq burda başından yekə bir... səbətə, Hamımız əlbir idik, qətldə, qarətdə birik! Onda ki, biz girişirdik yeni hərb eyləməyə, Sən də qatil kəsilib Qərbə buyurdun köməyə, Yığışıb odlamışıq Qərbi, nə hacət deməyə, Hamı məfkurədə, məsləkdə, siyasətdə birik! Dağılıb Qərb, yanıb-partladı, bitdi məsələ, Gəldi ondan dəxi qəlbindəki mənzurin ələ, Bax, yanır Qərb, yetiş yardıma, göstər əcələ, Xalqı yandırmaq üçün zülm-şərarətdə birik! Xaçpərəstik hamımız, həzrəti-Məryəm nənəmiz, Hamının xaliqi İsa, bir imiş ən’ənəmiz, Bir zibildəndi bütün adətimiz, əlsənəmiz, İsəviyyətdə, şəriətdə, ədalətdə birik! Qərbi qırxmağlığa Milran götürüb ülküçünü, İtirib nemsə tamamilə kələfin ucunu, Məryəm oğlanları burda elə vurmuş gücünü, Onu söndürməyə, bişübhə, cəsarətdə birik! * * * Əlbəttə ki! Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir. Aləmi-insanı abad eylədik, əlbəttə ki! Xalqı zillətlərdən azad eylədik, əlbəttə ki! Hərbə girdik, heç tərəfdən torpaq işğal etmədik, Xalqın əmlakın alıb özümüzə mal etmədik; Biz qızıl cəm eyləməkdə zərrə ehmal etmədik; Binəva məxluqa hər zad eylədik, əlbəttə ki! Elə atəş yaxdı dünyalarda Vilson həzrəti, Təzcə tə’sir etdi on dörd maddənin xasiyyəti. İndi də hala ağızlarda qalıbdır ləzzəti, Yaxşı iş dünyada icad eylədik, əlbəttə ki! Qərbdə cəm oldu axırda beş-altı canavər, Doğdular «Cəmiyyəti-əqvam» tək bir xirəsər, Xırdaca millətləri soydu soğan tək müxtəsər. Hər kəsi qədrincə biz şad eylədik, əlbəttə ki! İstəyir alman dirilsin, payidar olsun yenə, Borcunu versin qurtarsın, bərqərar olsun yenə, Müştərək talana düşsün, tarmar olsun yenə, Hər nə ki, lazımdır, icad eylədik, əlbəttə ki! * * * Edərik biz İnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir. Qırx min kərə bir nəğməni izhar edərik biz, Hamsında kral namını təkrar edərik biz! Hər yerdə ki əfsanəmizin birdi məalı, Hər nitqdə tə’rif edərik şanlı kralı, Hər yerdə qəbul eyləmişik vizrü vəbalı, Millətləri zəncirə giriftar edərik biz! Hər nə ki, deyilmişdi bizə keçdi həyata, Hər söz ki, edilmişdi vəsiyyət həzərata, Satdıq yenə millətləri dörd-beş həşərata, Min şə’bədə verdik işə, iqrar edirik biz! Bir alətik, alətliyə həm etmişik adət, Əl çəkmərik aləmdə əgər qopsa qiyamət, Bizdəndi, əgər çəksə cahan hər nə rəzalət, İnsanları yatmağlığa icbar edərik biz! Müstəmləkələr bizlərə olmuşla sənahan, Büd’ətlərimizdən sevinir aləmi-insan, Əlvata məkandır yenə də tazə parlaman, Məxluqu soyub, cibləri bərkar edərik biz! * * * Varımızdır! Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur. Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır, Hər əhdimizə sidq ilə peyman varımızdır! Hər kəs nə yazır, qoy yaza, azadədir əlbət. Azadəlik e’lan eləmiş millətə sərvət, Hər kəs ürəyində bizə gər bəsləsə nifrət, Heç söz demərik, bir qara zindan varımızdır! Hər bir işimiz böyləcə bir göz boyamaqdır. Kağızdadır hər məs’ələ məqsəd ulamaqdır. Hər kəs danışa həbs eləmək, noxtalamaqdır. Kəhvarənişin olsa da, divan varımızdır. Hürriyyəti məxluq eliyir əksinə mə’na, Tərsinə zühur eləmiş əlbət bu müəmma, Azadə bizi vəsf edələr, dinmərik əsla, Hər kəs sata öz məsləkin, ehsan varımızdır! Hər kəs desə sərvətli əcəb sözdü cahanda. Sərvətlilərə səcdələr etmək bu zamanda, Güllə saçarıq bir belə kəs ağzın açanda, Əksincə onun qətlinə fərman varımızdır! Tə’rif edə bankirləri daim ədəbiyyat, İnşa edə hər arvadına bir neçə əbyat, Hürriyyətini etmiş olur böylə kəs isbat, Təqdirinə min lütfi-firavan varımızdır! * * * Əhli-şəriət İngiltərə tərəfdarlarından məşhur Seqətülislam Tehrana gəlib camaat tərəfindən təntənəli surətdə pişvaz olmuşdur. Seqətülislam inkilis tərəfdarlarının parlamana intixab olunmaq tərəfdarıdır. Hər rəngə girər istəsə gər əhli-şəriət Fikrində əgər olsa qoyar hər cürə bid’ət. Zahirdə böyük din gətirən alimi-dindar, Və’zində edən gündə beş-on xariqə izhar, Xasiyyəti xoş, nitqi gözəl, sevməli kirdar, Məfkurəsinin zahiri hər yerdə qənimət. Batində fəqət rə’şə saçan bir ulu şeytan, Əfkarı xəyanət, özü bir qatili-insan, Həp məl’ənətin mənşəi və’zindəki hədyan, Adabi riya, haləti təzvir, özü lə’nət, Əmmaməsinin hər teli bir fitnəyi-əyyam, Təhtülhənəkindən asılır aləmi-islam, Bu şə’bədədir milləti satmaqdan alır kam, Bir zillidir altında sızıldar bəşəriyyət. Hər və’də və ya altuna gizlicə satılmış, Feysəl kimi İranda da meydana atılmış. Bu tərzilə seçkilərə qabil su qatılmış, İştə bu bizim molla, bu da etdiyi xidmət- Əmmaməli Kerzon soyunub ortaya girmiş, Və’d etdiyini seçkidə itmamə yetirmiş, Alətləri bilcümlə parlamana keçirmiş. Əmmamə, əba qurdu genə doğru hökumət. * * * Oğlum! Qəzetələr Yaponiyada zəlzələdən zərərdidə onlara ianə toplamaq üçün xəbərlər yazdıqda dükançıların acığına gəlmişdir. Qalsın sənin yadında bircə vəsiyyət, oğlum! Jurnal, qəzet yalandır, etmə qiraət, oğlum! Hər nə yazarsa onlar bilmərrə iftiradır, Bunlar da xalqa bişək bir ayrı cür bəladır. Hər bir sütunu də’va, hər sətri macəradır, Bunlar qoyur təmamən dünyada bidə’t, oğlum, Hər yazdığı yalandır, yox bir həqiqət, oğlum! Yer tərpənib Yaponda guya keçən zamanlar, Burda ianə toplar bizdən qəzet yazanlar, Biz kim, Yapon kim, oğlan! Şaşmış bu yol azanlar. Hər gündə bir verirlər xalqa əziyyət, oğlum, Burdan ora edirlər xalqı himayət, oğlum! Hey istəyir ianə bunlarda yox mürüvvət, Söylər ki, ac qalıbdır yeksər məhali-türbət, Türbətli farsdı, mən türk, burdan ora nə rəhmət? Qoy məhv ola acından yersiz camaat, oğlum, Hər qədr yazsalar da, etmə ianət, oğlum! Hər yerdə bir fəlakət olsa tutalla matəm, Yardım yığalla bunlar hər şəhrdə dəmadəm, Guya ki, bunlar ilə qardaşdı cümlə aləm, Qarə geyəllə nerdə olsa müsibət, oğlum, Bərpa edərlə daim burda qiyamət, oğlum! Gər qurdalarsa burnun xəlvətdə bircə insan, Bunlar yarın əlüstü eylər qəzetdə e’lan, Qoymaz üç arvad alsın axırda da müsəlman. İstərlə badə getsin dini-şəriət, oğlum, Guya haram olubdur xalqa üç övrət, oğlum! Sözbazlıq olmuş artıq adətləri həmişə, Mollanı, dini, tənqid olmuş olarda peşə, Bax bircə köhnəlikdən qoymur cahanda rişə. Bəslərlə köhnələrlə daim ədavət, oğlum! Eylər qəzet yazanlar dinə xəyanət oğlum! * * * İstəməm Paris kino-teatrlarında Şura filmlərini göstərən vaxt «Yaşasın Lenin, yaşasın Şura hökuməti» kimi hissələri göstərdikdə dayandırmışlar. İstəməm qorxulu rüxsarını rə’yadə görüm. Nə adın lentada, şəklin nə sinamada görüm. Elə bir qorxulu ad kim gecə düşcək yadıma, Elə bil kim iki yüz fəhş verir hər zadıma, Quru bir adı da su bağlayacaq bünyadıma, Qorxuram doğrusu şəklin də tamaşada görüm, Nə adın lentada, şəklin nə sinamada görüm. Buna doktor da deyir baxma zərərdir gözünə, Heç olurmu pul alıb filmaçı söysün üzünə? Dəlisənmi yenə həngamə açırsan özünə? Nəyə lazım gedib əzraili filmadə görüm? Nə adın lentada, şəklin nə tamaşada görüm. Hər tərəf pullu, böyük zal dolusu bankir ola, Qoyarızmı orada hər cürə filma qoyula? Bir sözün kim toxunur sədəməsi sənduqə pula, Yaramır bir belə nadan işi dünyada görüm, Nə adın lentada, şəklin nə tamaşada görüm. Hər gələn filma ki, tə’rifləmədi göz-qaşımı, Bilmədi müftərizüttaə mübarək başımı, Elə bir filma ki, baxdıqca töküm göz yaşımı, Bir tamaşada ikən kəndimi dəryada görüm, Nə üçün pul verib əzraili filmadə görüm? * * * Qorxaram Londonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan) Qorxaram ən doğrusu bu tazə üsyandan bəri, Misir işində etdiyim hazırkı tufandan bəri. Misrdə, Sudanda açdım xalq üçün min şur-şər, Əlli ildir orda milyonlarca qan getmiş hədər, Quyruqumdan tutsun indi qorxuram millətçilər, Su’i-qəsd hazırlamışlar tökdüyüm qandan bəri, Misir işində etdiyim hazırkı tufandan bəri. Hər nə biclik eyləsəm də dözmüş hindistanlılar, Arif insanlardı səbr eylər yenə iranlılar, Son fırıldağı duyub duysun yenə əfqanlılar, Leyk təşviş eylərəm Misir ilə Sudandan bəri, Misir işində etdiyim hazırkı tufandan bəri. Bir mühitəm qanlar axmış sel kimi ummanıma, Doymamış qarnım bu qanlardan qəsəm «vicdanıma», İndi qəsd etmiş camaat bu «mübarək» qanıma, Misir işində satdığım biaru vicdandan bəri, Qorxarız ən doğrusu hazırkı üsyandan bəri. Etmişəm bir növ xidmət əsrdə hər millətə, Hər mükafatım ölümdür böylə ali xidmətə, Mən cəhənnəm, qorxuram qəsd olsun ülya həzrətə, Yatmaram asudə əzdirdiklərim candan bəri, Misir işində satdığım biaru vicdandan bəri. * * * Gəlirəm Əhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən) Millətimdən, vətənimdən nigaranəm, gəlirəm Yenə də calisi-evrəngi-Kəyanəm, gəlirəm. Atılıb düşməsinə baxmadım əhli-vətənin Müctəhidlər çalışıb yumdula xalqın dəhənin Yırtdı bir çoxları bica yerə öz pirəhənin, Yenə əvvəlki şahənşahi-zəmanəm, gəlirəm, Artıb əskilməmişəm, əski qabanəm, gəlirəm. Xalisizadə, Tədəyyün, yedi beş-on kötəyi, Kömək etdi mənə beş-altı parılman köpəyi, Yenə də yatdı vətən, açdılar yorğan döşəyi, Mənsə yatmışlara bir hökmü-rəvanəm, gəlirəm, Ulu bir məmləkətə şahi-cavanəm, gəlirəm. Nə qədər nəqd param var isə verdim maşına, Var-yoxum getdi bu rəqqasələrin göz qaşına, Pul aparmaqlığa gəldim vətənin gül başına Bütün iranlıya bu işdə əyanəm, gəlirəm Qurtaran xərcliyi bitab-təvanəm, gəlirəm. Buna şadəm təbəəm əksəri fars millətidir Bularin boş həvəs, boş mə’rəkə xasiyyətidir Köhnə məşrutə yetim millətin hürriyyətidir Fəqət ondan da bir az pürhəyəcanəm gəlirəm. Millətimdən, vətənimdən nigaranəm gəlirəm. * * * Balaca felyeton İnkilislər verdikləri sərbəstlik və’dələrinə Hicazda, Fələstində əməl etmədikləri üçün Hicaz kralı Hüseyn müğavilənaməni imza etməmişdir. Sən öylə zən edirdin doğrudan da bir xilafətsən Kralsan, möhtəşəmsən, şahsan, əhli-şərafətsən. Ərəbdən sən kimi on dörd hökumət qılmışam bərpa Bütün alətlərimsiz boş, quru, xülyaya aldanma: Özün də, Feysəlin də arsızdır, açma dil bica Şərifi-Məkkəlikdən, arü-qeyrətdən xəcalətsən Sən isə zən edərdin doğrudan da bir xilafətsən. Şişərdi qoltuğun öylə bilərdin qurmusan dövlət Deyərdin ki, sənə təmkin edib bu baş çəkən millət Fəqət bir boş əməldir bu cəhətdə qıldığın niyyət Əbəs bu baş-gözlə, ay qoduq, bəndi-riyasətsən Sən öylə zənn qılma doğrudan da bir xilafətsən. Varındır təxtü tacın bu yetər artıq nə heyvanlıq? Sənə sərbəstliki kim verdi söylə nə qudurqanlıq Fələstin nerdə, sən nerdə, ay axmaq bu nə şeytanlıq Qoçalmış bir köpəksən bəlkə bir parça həmaqətsən Sən öylə zənn edirdin doğrudan da bir xilafətsən. Köpəktək ağnama daş kölgəsində, olma çox məğrur, Özün qol qoymasan da eybi yox mən eylərəm məcbur, Bu ancaq hiyləyi-şəriyyədir, imza deyil mənzur Satılmış bir köpəksən, çünki imzasız da alətsən Sən öylə zənn qılma doğrudan da bir xilafətsən. * * * Balaca felyeton Fransanın mürtəce dairələrinin naşiri-əfkarı «Libertə» qəzeti yazır ki: Lenin yollarına sədd çəkməkdən ötrü Parisdə olan əlli min Nikolay zabitinə istinad edə bilərik. Tənbəlin şəhrdə miqdarı çatır əlli minə Hamısı satmağa vicdanını qoymuş cibinə. İrtica verməyəcək ölsə də bu sülhə riza Qoymarız sülh ilə əlbət ki, zəhərlənsin hava Əlli min zabitə artıq nə deyək biz əcəba? Hamısı zərbə üçün hazır olub sülh işinə Hamısı satmağa vicdanını qoymuş cibinə. Əlli min fahişə boynunda kəfən, əldə silah Neçə il bircə qarın əkməyə olmuşla nikah. İrticaya bu kimi zərbəti kim qıldı mübah Buna kim razı olar balta vurulsun dibinə? Hamısı satmağa vicdanını qoymuş cibinə. Çalışıb almış ikən hər biri beş-on qara pul, İrticaya sığınıb çəkdi köpəktək qaraul Hara Hürməkliyə göndərdin hürüb qıldı qəbul Heç yararmı qonağın böylə tüpürmək rişinə? Qoymayaq gündə beş altı sümük alsın dişinə? Sığınıb kölgəmizə harda ki, var bir xuliqan Özünə bildi Paris şəhrini bir darüləman Harda xain, harada varsa böyük ölkə satan Burada müştəri tapmışdı bütün keçmişinə Hamısı əsrdə bir əngəl idi sülh işinə. * * * İranlılar İranda istəyirlər ki, Əhməd şahın iki yaşındakı oğluna tac qoysunlar. Ortaya atmış qəribə bir şüar iranlılar İstər olsun mütləqiyyət bərqərar, iranlılar. Xəl olan gündən bəri İranda şahi-rusiyah Qalmadı Tehranda boş əlhəmdülillah barikah Axtarıb kəhvarədə tapmışla bir qundaqlı şah Eyləyir kəhvarəsində tacdar iranlılar, İstər olsun tazədən bir bəxtiyar iranlılar. Ciblərin hazırlasın hübbülvətən kabinələr Həzrəti-qundağa nənni tərpədən kabinələr. Körpə şahənşah üçün laylay çəkən kabinələr. Eyləsin bir köhnə İran payıdar iranlılar Tazədən satsın hüququn aşkar iranlılar Sazlasınlar həzrəti-qundağa bir ali saray Onca milyon xalqa bir dilsiz çocuq fərmanrəvay Çıxmasın bir ləhzə İran kölüsündən ahu vay Etməsin hər zülm olursa ahu zar iranlılar Lal otursun, dinməsin biixtiyar iranlılar. İnqilab etsin, tərəqqi başlasın həmsayələr İmtiyaz alsınla İranda böyük sərmayələr Körpə şahı qoy əmizdirsin qucaqda dayələr. Kəndisinə qoy yenə qazsın məzar iranlılar Xabə getməklə qazansın ixtiyar iranlılar. * * * Mən İngiltərə İran hökumətinə nota verib Şeyx Xəzayilin İngiltərə himayəsində olduğunu bildirmişdir. Soxmuşam burnumu çoxdan Ərəbistanına mən Atılıb-düşmə, oğul, varisəm İranına mən. İstəmişdin çıxasan bir gün əzəl Misrə kömək Sənə bu rüxsəti kim verdi, bu cürət nə demək? Açaram başına ondan da fəna bircə kələk Taparaq bir yeni batsil qataram qanına mən Əkərəm xəstəliyin toxmunu İranına mən. Misr xalqında həmiyyət var idi qıldı qiyam Bu həmiyyət hanı sizdə, ay avam oğlu avam! Nəqdini, nisyəni həzm eyləmişəm indi tamam Tikmişəm indi də göz parəli yorğanına mən Tamahım var yenə əynindəki tumanına mən. O zamandan ki, keçib çənkimizə nefti-Cənub O zamandan bəri ərvahına yasin oxunub Ərəbistan nədi, Tehran belə öz malım olub Ağajam mollana, bəy xanına, ə’yanına mən, Əkərəm xəstəliyin toxmunu İranına mən. * * * Balaca felyeton Məşhur Amerika milyardçısı Sinqleri Albanya məmləkətinə kral tə’yin etmək istəyirlər. Tapmamışıq sən kimi bir əhli-hal, Aç, yalavac Albana olsun kral. İndi ki, çıxmış yeni müstəmləkə, Ar eləmə sən də apar bir tikə Bir də belə salsalar çəkha çəkə Varlığa qalmaz daha bir ehtimal Biz bitəriz, bərhəm olar qeylü qal. Çarə taparsan satılan millətə Xalqı alarsan çox ucuz qiymətə İndi ki, ölkə satılır sərvətə Durma, yubanma, nə qədər var məcal Qismət olur ölkə, qopub qeylü qal. Serb aparır ölkədən öz hissəsin Rim lotusu hazır edib çənkəsin. Bizdə yəqinən payı var hər kəsin Bizdən ötür saziş olur dal badal Biz baxarız xalq eliyir qeylü qal Bir bağa bənzər bu açıq məmləkət Meyvəsin hər kəs daşıyar bir səbət Bəlkə də bu qarətə var bir cəhət Küçlüdən aciz edəməz bir sual Çünkü çıxar onda böyük qeylü qal. * * * Edərəm Parisdə olan Əhməd şah İranın dəmir yol çəkmək istədiyi cavahirləri satıb eyşü işrət edir, qumara uduzur. Şah babamtək gəzərəm aləmi, cövlan edərəm Gündə qırx-əlli qadın vəslimə mehman edərəm. Millət istərdi dəmir yol çəkələr məmləkətə Satalar daş-qaşı, sərf eyləyələr bu cəhətə Kəf gedib onlara mən, var-yoxu saldım səbətə, Sataraq burdakı arvadlara ehsan edərəm Gündə qırx-əlli fəqir övrəti mehman edərəm. Çəkərəm burda dəmir yol nə qədər olsa yaşım, Nə qədər var kafe-şantan yığışır daşu-qaşım, O qədər siğə düşüb üstümə lap çaşdı başım Olduğum mənzilimi burda Xorasan edərəm, Gündə qırx-əlli qadın vəslimə mehman edərəm. Bütün arvadlara sahib çıxaram, var hünərim, Məni hər işdə müvəffəq çıxarır son səfərim, Sinələrdə dolaşır doğrusu bu tac-sərim, Harda yatsam oranı döndərib İran edərəm, Orda qırx-əlli qadın vəslimə mehman edərəm. Şef seçiblər məni var harda bir əxlaqı təmiz Qumara saldıla şah həzrətini bihəmə çiz Vətənimdən də gözəl zatımı bəsləllə əziz Özümə mən buranı doğrusu Tehran edərəm Gündə qırx-əlli qadın vəslimə mehman edərəm. * * * Edər Roma papası Müttəfiq Şuralar cümhuriyyətləri ilə Romanya arasındakı ixtilafın sülh ilə həll olunması üçün kilsələrdə dua olunmasına əmr eləmişdir. Bir tərəf ali kral Milrandan istimdad edər, Məmləkət ilhaq üçün antantalar icad edər. Bir tərəfdə pop yapışmışdır kəlisa zənkinə Güc verir popluq kəlisada, duada, ənkinə Mərhəba olsun diri peyğəmbərin son rənginə İndi də ayini-ruhani qurub bünyad edər Diplomatlardan küsüb allahdan istimdad edər. Başlasa bişək kəlisada manaxlar zümzümə Eşqin izhar eyləsə xəlvət cənabi Məryəmə Göydə İsaya yetişsə şübhəsiz bu həmhəmə Rəhm edib insanları qan tökmədən azad edər Sülh bərpasında hər cür çarələr icad edər. Allah olsun vasitə, bitsin gərək bu məsələ Diplomatlardan nəcat olmaz daha bundan belə Versə ilhaqa riza ruslar bitər bu məşğələ E’tiqad etməklə allaha böyük bir ad edər Mülkünü verməklə kəndisin dəxi azad edər. Bilsə ki, şuralı dövlətlər edir poplar dua Etməz öz mülkün ruminlərdən yəqin kim iddia Çünkü var şuradə dinə ən böyük bir «e’tina» Gündə allahı, kəlisanı, sevib dəryad edər Hər nə iş düşsə fəqət Məryəmdən istimdad edər. * * * Həzrəti-çar Böyük knyaz Kiril tə’idlə demişdir ki: yaxınlarda Rusiyaya gedib orada çarlığı bərpa eyləyəcəkdir. Neçə ildir ki, köçüb axirətə «həzrət» çar Yenə xaricdə Kiriltək yekə bir aləti var. Eylə məstəm ki, canandan xəbərim yoxdu mənim Yenə zənnimcə həman əski vətəndir vətənim. Hələ mən indiyətək qanmamışam müxtəsəri Oxudub hər işə hazırladılar fəhlələri Yoxdu bəski yeni dünya gedişindən xəbərim Bilmədim mən yox imiş orda köpəkçə dəyərim. Pəs dedim indi də hazırca otaq, yağlı taam Müftə şahanə sarayımda qadın, müftə hamam, Yeddi il müddəti qürbətdə sıxılmışdı canım Bəs deyərdim orada var yenə şahzadə xanım. İstədim ətrlə çimdirməyə nazik bədəni Maskaradlarda deyərdim yenə bəklətmə məni Fikr edərdim yenə var ordakı bal, ordakı zal Anlamazdım daha yox hərzəliyə orda məcal Əskidən qalma, çürük nəğməyi daim çalıram Özkə aldanmasa da mən özümü aldadıram. * * * İran seçkisi İran parlamanına nümayəndə intixab eləmək bir ildir, fəqət yenə tamam olmamışdır. (İran qəzetlərindən) Bir il oldu bitmədi hala ki, İran seçkisi, Bir ticarət şəklin almışdır parlaman seçkisi. Eyləmiş hər yer təmamən öz zükurun namizəd Mollalar cənnətdəki qilmanü hurin namizəd Etmiş ə’yanlar bütün əhli-quburun namizəd Müctəhidlər intixabatı müsəlman seçkisi Qeydkeşlər məclisi-millisi, iman seçkisi. Seçmək olmur onca milyon xalqdan üç yüz nəfər Hər kəs istər məclisi-millidə olsun müxtəsər Öz səsin altı qran dinarə satsa rəncbər Bəlkə tezlikdə yetə əncamə bəy, xan seçkisi Bir neçə ildən sonra bitsin parlaman seçkisi. Himmət etmişdir təmamən məmləkət ə’yanları İntixab etmişlə molla, mülkədar, bəy, xanları Hər biri bir səmtə bağlı məmləkət dehqanları Yaxşı bir yarmarka olmuşdur, o saman seçkisi Aləti-kəsbi-məişətdir parlaman seçkisi. Bir ticarətkah olubdur məmləkət başdan-başa Kimdə vicdan varsa satmış bir piyalə bozbaşa Pul alır millət, satır öz varlığın bir tək daşa İştə İranda budur ərbabi-vicdan seçkisi Bir ticarət şəklin almışdır parlaman seçkisi. * * * Satılsa İran hökuməti tacın üstündəki cavahirləri satıb dəmir yol çəkmək istəyir. Bitməz işimiz büsbütün İran da satılsa, Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. Gəlməz qara beş-on paralıq daneyi-əlmas Bir taci-Kəyan, bir daha bunlar kimi əcnas Gər tac Kəyan açmasa göz, olmasa cəssas İran çıxamaz sahilə əmman da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa, Tacilə satılmazsa əgər tac geyənlər Azad olamaz onlara allah deyənlər Orda çölə düşməzsə əgər müftə yeyənlər Bir iş görəməz məmləkət hər yan da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. Bərbad olan İran ilə bir yardıma möhtac Yetməz onu islaha əvət boş quru bir tac Tac ilə tac altındakılar olmasa hərrac Abad olamaz Rey, Təbəristan da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. Tacın neçə yüz xırdası var dövrü bərində Şahın özü bir tac satır hər səfərində İş başdadır, yox mə’sələ tacın dəyərində Bu baş, bu bədən, bu qafa, bu can da satılsa Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa. * * * Balaca felyeton Vilson Amerika tərəfindən Türkiyəyə səfir tə’yin edilmişdir. Türklər əlhəq ki, minnətdardır siz həzrətə Çəkmisiz zəhmət, yetişmişiz biz azadiyyətə. Himməti-mərdanədən məşhurdur osmanlılar Siz verən hürriyyəti almış bütün balkanlılar Cümləmiz xoşbəxtiz ancaq bir qalıb iranlılar Az qalıb onlar da çatsın neftdən hürriyyətə Şərqlilər bəs ki, minnətdardır siz həzrətə Olmasaydı əmriniz girməzdilər İstanbula Türklərin yurdunda at çapmazdı yunan sağ-sola Bağlamazdı milləti antanta qultək qol-qola Verdin on dörd maddədən hürriyyət hər bir millətə Şərqlilər bəs ki, minnətdardır siz həzrətə. Məsələ mə’lum idi bizlərcə Çesterdən sora Gözlənirdi bir qonaq o şanlı misterdən sora İmtiyaz aldı beş-altı yağlı qır-qırdan sora Sən də bir cür inkilissən düşmüsən bu surətə Şərqlilər xeyli minnətdardır siz həzrətə Bir zaman bu ölkələr Vilhelmə çövlankah idi Bir zaman da ingilislər burda bir allah idi Məmləkət işğal olunmuş hər gələn bir şah idi İndi heç kəs qalmamışdır sən giribsən xəlvətə İndi də növbət yetişmişdir siz «ali» həzrətə. * * * Şahın rəqqasəsi Londonda məşhur bir rəqs müəlliməsi aşağıdakı elanı vermişdir: Əlahəzrət İran şahının rəqqasəsi filan oteldə rəqqasəlik dərsi verir. (İran qəzetlərindən) Olmuşam rəqqasəsi bir çox il İran şahının Sevməli hurisiyəm mən Şərq zillullahının. Öylə məftun etmişəm rəqsimdə ə’lahəzrəti Örkənibdir zati-şahanə bu qabil sənəti Təxtü tacından böyük rəqsində qılmış şöhrəti Məqsədi cənkinəlikdir məmləkət xoşhahının Sevməli hurisiyəm mən Şərq zillullahının. Kürsün ikmal etmiş İran şahı vermiş imtəhan Az qalıbdır rəqsə gəlsin zövqdən taci-Kəyan İstəyir yeksər baletmeystr kəsilsin xanədan Üstünə şantan yazılsın səltənət dərkahının Məqsədi cənkinəlikdir məmləkət xoşhahının. Oynayıb oynatmadan həzrətdə yoxdur bir məcal Qibleyi-aləm əta eylərdi hər gün bir medal Doldurardı mənzilə varsa nə qədri əhli-hal Şüğlü arvadbazlıq olmuşdur vətən kumrahının Məqsədi cənkinəlikdir Şərq zillullahının. Ol qədər göstərmişəm zati-hümayunə ədəb Almışam axırda bir «rəqqasəyi-xəlvət» ləqəb Yoxsa İranda ləqəb həp böylədir yaliləcəb, Kəndisi həm böylə bir şeydir Əcəm cəm cahanın, Kəndisi rəqqasədir təbə’n də İran şahının. * * * Qalıb Əhməd şah xəl olunandan sonra istəyir Tehrandakı əmlakını satsın. Satmışam hər yanı ancaq ləfzi-İranım qalıb. Bir dili’-pürşəhvətim, bir də yox imanım qalıb. İndi ki, təxti-hökumətdən salıb millət məni, İndi ki, xalqım hesab etmişlə biqeyrət məni Pullarım şantanda bitmişdir basıb heyrət məni Çirk qalstuk, köynəkimlə, boş cibişdanım qalıb, Bir tütünsüz narkiləm, bir sövti-qəlyanım qalıb. Qalmışam qürbətdə pulsuz çox məlalım var mənim Məmləkətdə bir bölük əhli-əyalım var mənim Həm də Tehranda bir az məxsusi malım var mənim Altı hamam ilə dörd-beş əski gülxanım qalıb. Dörd uçuq karvansaram, bir qədri dükkanım qalıb, Əlli-altımış fabrikim, hər yerdə dörd-beş mə’dənim, Cümlə tiryəkxanələrdə var böyük səhmim mənim, Böylə sərvətlə rəvamı qürbət olsun məskənim? Orda, Tehran ilə Şimran, burda şantanım qalıb. Orda İran, burda bir qəlbi-pərişanım qalıb. İşləyib öz zəhmətimlə bir neçə mülk almışam Öz atamdan qalma xərc ilə otaq saldırmışam Dövlətim orda, mən isə burda pulsuz qalmışam Bir silindir, bir əsa, bir köhnə yorğanım qalıb, Bir dili-pürşəhvətim, bir də yox imanım qalıb. * * * Üləma məmləkəti İranda dərəbəylik bid’əti olaraq kəndlilər: ağanın izni olmamış evlənə bilməzlərmiş. Ölkə əvvəldən olub bir üləma məmləkəti Dinçilər məskəni, əmmamə, əba məmləkəti. Qoymamış bircə qədəm, xalq şəriətdən uzaq Olmamışdır ağanın malı bütün arvad uşaq Görməmiş kəndlinin surəti hər gün şapalaq Etməmiş bir belə zülmü «nücəba» məmləkəti Ölkə əvvəldən olub bir üləma məmləkəti. Ağaya mal deyil kəndlinin qanı, əti Qızı, oğlu, hərəmi, müxtəsər hər bir cəhəti, Bir bu var ki, ağa verməzsə əgər məsləhəti Özünə arval alanmaz füqəra məmləkəti Ölkə əvvəldən olub bir üləma məmləkəti. Öz əyalilə gedib evdə mazaxlaşsa kişi Ağaya etməli mə’lum qabaqdan bu işi Ağanın qullarıdır kənddə ərkəklə dişi Din, şəriət yuvası, nohə, əza məmləkəti Molla, seyyid vətəni, sovmi-səla məmləkəti. Kişisi tövlədə nökər, qadın evdə qaravaş Ağadan gizli gedib bir kəs adaxlansa yavaş Kəbinin kəsmiyəcək ölkədə ağbaş, alabaş Edəcək borcunu ağbaşlar əda məmləkəti Ölkə əvvəldən olub bir üləma məmləkəti. * * * Şahi-İran İran şahı Birendə çay kanarında tamaşa etdiyi vaxt hammalın dalından düşən dəmirin səsini qurşun hesab edib yıxılmış, polislər hüşə gətirmişdir. («Sitareyi-İran» qəzeti). Etdi səfər dolansın işrətdə şahi-İran, Şişsin vücudu, olsun səhhətdə şahi-İran. Olmuşdu həzrət əz bəs bizar məmləkətdən Gəlmişdi tənkə canı biar məmləkətdən Söylərdi doymuşam lap murdar məmləkətdən Təkrar edərdi daim söhbətdə şahi-İran Şantan deyib gəzərdi həsrətdə şahi-İran. Axırda yığdı bircə xurcun gözü cavahir Bağdad yolundan oldu bir tövr ilə müsafir Satdı cavahir, aldı arvad bu varlı tacir Bir çox para qazandı... şahi-İran Vəxtin keçirdi daim işrətdə şahi-İran. Axırda getdi gəzsin beş-altı gün Birendə Düşdü başı qəzayə bu kafirin yerində Qurşun atıldı küya şahın bərabərində Az qaldı qətlə yetsin qürbətdə şahi-İran İranıq harə yaxsın firqətdə şahi-İran. Hürküb yıxıldı filfor əndamı tutdu heyrət Öylə xəyal qıldı bomba atıbdı millət. İran «terror»larından xof eyləyirdi həzrət Üz qoymamışdı zira millətdə şahi-İran Göstərdi çox cəsarət qürbətdə şahi-İran * * * İrana gələndə İranda Müşirüddövlə kabinəsinin yıxılması, Rzaxan diktaturasının məhkəmlənməsi səbəbilə şah yenə də Avropa səfərinə hazırlaşır. Gülməz bu üzüm doğrusu İrana gələndə, Ovqatım olur təlx bu viranə gələndə. Bizar oluram get-gedə viran vətənimdən Həp iyrənirəm bisərü saman vətənimdən Qəm-qüssə yağır hal-pərişan vətənimdən Bağrım yarılır külbəyi-ehzanə gələndə, Xovf eyləyirəm mən bu biyabanə gələndə. Etdim iki il eyş ilə qürbətdə siyahət Qərbin kefinə öyrənübən eylədim adət Dövran məni İrana yenə atdı nəhayət Yaxdım oda öz canımı Tehrana gələndə Rahat deyiləm Rey-Təbəristanə gələndə. Bir ayrı qiyafətdə gəzir orda adamlar Heyran qoyur insanı blandinka madamlar Yaxşı keyinib seyrə çıxanda bağa şamlar Doymazdı gözüm qarşıma yüz dənə gələndə. Qarşımda süzüb incə xuramanə gələndə. Tutmuş məni axır nə yapım burda kəsalət Zindan kəsilib başıma bu kirli vilayət Mən bir quru şahəm, təbəəm yolçu camaat Zəhləm gediyor millətim əfqanə gələndə Zülmi-sitəmimdən qırılıb canə gələndə. Qaçmağlığa burdan yox idi əldə bahanə Saz olmadı fikrimlə bu namərd zəmanə İndisə hökumət ki, keçibdir Rzaxanə Mən burda yoxam məsələ zindanə gələndə Zülmi-sitəmimdən vətən həycanə gələndə. Fikrimdə yenə ilçə yarım əzmi-səfərdir, Londonda siyahət bizə bir irsi-pədərdir, Tehran işi çox qorxuludur, ayrı təhərdir, İş növbəti Tehranda Rzaxanə gələndə Bağrım yarılır məsələ zindanə gələndə * * * Balaca felyeton Nəcəf şəhərindən Tehrana xəbər verirlər ki, burada bir nəfər molla qəribə bir makinə icad eyləmişdir. Makinəyə barmaq ilə hərəkət verəndə içindəki havaya qalxır. (İran qəzetlərindən) Ağalardan birisi dün gecə idrarə çıxıb Nakəhan makinədən bir yeni fəvvarə çıxıb. Gər Nəcəfdə hərəkət versən, atar Qəzvinə su Hər kəs istərsə alar Rəştdə Tehranda vüzu Elə alati-təharət çıxarıb sahibi-dun, Onu min il çalışa yadına salmaz Edison. İstəsə nərdə çimər, qüsl qılar əhli-vətən, Ağaya kəndərələr şərti budur vəchi-kədən. Dəclənin nəhrini bir andə Gilana tökər Admiral molla çıxardar yeni bir bəhri-Xəzər. Qoysa öz makinəsin sahili-Şəttül-Ərəbə, Qurdlu anbar suyu Təbrizdə içərmi tələbə? Nasos etməkliyə tapseydi ağa azca məcal Qoxumaz beş il hamamlarda qalan abi-qüsal. Məsələ bitmiş, edibdir ağa öz başına and Pulu bol olsa havadən çəkə hər şəhrə krand İmtəhan eyləmiş əmmaməlilər məsələni, İki min molla təharət tutub orda ələni. * * * Hindistanda vəba – Pəncab şəhərində əlli minə qədər insan vəba və taundan tələf olmuşsa da, ingilislər bir tədbir görmək istəməyir. Nə qədər öldürə hind əhlini taun, vəba, İnkilislərmi bunun qeydinə qalsın əcəba? Bacararsa, özü taun, vəba toxmun əkər, İnkilisləşmə üçün yerliyə min təhr çəkər, Ağanın canı sağ olsun, ölür-ölsün də nökər, Qaralar məhv olur-olsun, diridir ağ nücəba İnkilislərmi bunun qeydinə qalsın əcəba? Hind millətləri milçək kimi olmazsa tələf, Dirçəlib axır o da axtaracaq şə’nü şərəf, Böyüyür məqsədimiz məhv ola hər hansı tərəf, Şərq millətləri quldur bizə, ağ ya ki, qara, İnkilislərmi bunun qeydinə qalsın əcəba? Gündə bir xəstəlik hind əhlini məhv etməlidir, Elmisiz xalqdır əlbət ki, ölüb bitməlidir, Bu təriq ilə ağa rişəni bərkitməlidir, Qırarıq bunları tainki təmizlənsin hava, İnkilislərmi bunun qeydinə qalsın əcəba? Verərik məqbərə mümkünsə böyük bir hərəkət, Yerlilər bitsə görünməz daha asi hərəkət, Qəsdimiz məhv eləmək yerlini, yox ayrı cəhət, Bu ki, boş mə’sələdir daxi nə dərman, nə dəva? İnkilislərmi bunun qeydinə qalsın əcəba? * * * Yeni dövran Müttəfiq Şuralar cümhuriyyətlərini İngiltərə hökuməti təsdiq etdi. Buna görə də ağ qvardiyaçılarda həyəcan başlanmışdır. Eyvah ki, bimərhəmət olmuş yeni dövran Qürbətdə həyasız üzümüz gülmədi bir an. Xatircəm idik mö’cüz edər ruhi-Məsiha, Öldükdə Lenin bərhəm olar dövləti-Şura İşlər dəyişib, biz düşünən olmadı əmma, Rusiyyədə yox bir daha eşşəklərə meydan Eyvah ki, bimərhəmət olmuş yeni dövran. Yeddi sənədə çıxmadı bir yari-vəfadar, Aldatdı bu müddətdə bizi yüz dana biar, Ay ingilis, ay nakişi, axır bu nə rəftar? Eylər belə namərdliyi hansı bir insan, Eyvah ki, bimərhəmət olmuş yeni dövran. Bir çoxlarının nəf’i üçün olmuşuq alət Çəkdik quru xülyalər ilən çoxlu səfalət İngiltərə də qaçdı bizi qoydu xəcalət Qoymuş əli qoynunda bizi bisərü saman Eyvah ki, bimərhəmət olmuş yeni dövran. Axırda bizim qorxduğumuz oldu həqiqət Öz köhnə inadından üdul eylədi sərvət Kerzon gedəli qoymadılar bizlərə qiymət İşdən çıxalı doğrusu hörmətli komandan Qaldı atasız bir neçə min quli-biyaban. * * * Ehsan Parisdə məşhur bir köpək qəbristanı bina etmiş rus knyakinyası Labanova-Rastova öz köpəyi Lolonun məqbərəsini yapdırmaq üçün sərvətindən 100 min franq vəsiyyət eyləmişdir. Şahzadə xanım pək böyük ehsan eləmişdir Heyvanları ehsanına heyran eləmişdir. Şahanə saray üzrə edib şanlı sükunət İtlərlə, köpəklərlə tutub sevməli ülfət Tinətçə köpəklər də bilir bəs ki, məziyyət Kəndisitək onları da zişan eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. Knyaz «Lolo» olmuş xanımın lütfünə məzhər Asudə həyat üzrə müənnəslə müzəkkər Knyazları hörmətlə yapır itlərə məqbər Öz zövcinə bir məqbərə bünyan eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. Bir əkmək üçün can çəkişir aləmi-insan, Min ailə zillətlə, səfalətlə pərişan, Şahzadə xanım sərvətin etmiş itə ehsan, Kəndisini həmtinəti-heyvan eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. Bir nəsl ki, yalnız itə göstərsə səxavət Bu nəsl əgər məhv ola var kimdə qəbahət Bunlar «Lolo»lardır hamı təkrarə nə hacət Cüt qıçlı köpək dörd qıça iman eləmişdir Şahzadə xanım pək böyük ehsan eləmişdir. * * * Vardır Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir. Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır Peterburqda olandan hərzəlikdə şöhrətim vardır. Məişətsizlik etmiş öylə bir idrakımı təz’iq Köpəklərdən də alçaqlanmışam gər etsələr təhqiq Fəqət bu baş, bu gözlə etmərəm Şuraları təsdiq Ölən çardan sonra könlümdə çarlıq niyyətim vardır Peterburqda olandan hərzəlikdə şöhrətim vardır. Vətəndaşlar bütün bilmişdi bir kəlbi-üqurəm mən, Həyasızlıqda, vəhşilikdə daim biqusurəm mən, Tükün tökmüş köpəktək çilpağam, qürbətdə ürəm mən, Cibişdanım boşalmış, açmışam, çox üsrətim vardır Lüt oğraş, boş qumarbaztək qəribə halətim vardır. Palan qoşqun dağılmış olsa da şahzadəyəm hala Böyük şahzadəlik xülyasına dildadəyəm hala Gedib Rusiyyədə çar olmağa amadəyəm hala Əmoğlum korbakortək qəlbdə çox həsrətim vardır Cibişdanım boşalmış, açmışam çox, üsrətim vardır. Romana and ola gər qurmasam dünyada bir çarlıq Gərək təşkil edəm mən aləmi rö’yadə bir çarlıq Bu da olmazsa lazımdır quram xülyada bir çarlıq Utanmazlıq kimi bitməz, tükənməz dövlətim vardır Əmoğlumdan sora qəlbimdə «ali» niyyətim vardır. * * * Vəssəlam Kiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir. Dil bizim, söhbət böyük antantanındır, vəssəlam, Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam. Min kiçik antanta olsa, min də fəryad eyləsə Yüz belə boş konfrans hər yerdə icad eyləsə Lord Korzon, hər nə yazsa, hər nə inşad eyləsə, Kimsənin yox e’tirazı əmr anındır, vəssəlam Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam Biz qığılcımtək böyük atəşlə həmtinətləriz Əmrə tabe’, hökmə alət sahibi-«qeyrətlər»iz Hər işarət ondan ancaq biz quru söhbətləriz Məmləkət də, biz də, bir ayrı yanındır, vəssəlam Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam Söyləsə onlar əgər Rusiyyəyə hürməkliyə Hazırız hər günə zülmü bir rəva görməkliyə Qalmamışdır bizdə istiqlaliyyət artıq bir tikə Hər zad onların, bəçərmək bağbanındır, vəssəlam, Məqsədi-mə’na tamamən Milranındır, vəssəlam Məsləhət antantanındır mənfəət yaxud ziyan Çarəmiz yoxdur bizə hala odur «candan yanan» Gər yedirsə bizlərə heyvan kimi arpa-saman Əmr başdandır itaət heyvanındır, vəssəlam, Çünki heyvanlar tamamən-Milranındır, vəssəlam. * * * Balaca felyeton Vrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm. Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr Atılıb-düşmələrim vermədi axırda səmər. Bir səmər vermədi son üç sənəlik aldanışım Çıxmadı doğrusu dünyada həqiqi tanışım Aldanıb hürməyə məxsus ikən hər yaz-qışım Yemədim bir zibil axır əməyim getdi hədər Atılıb-düşmələrim vermədi bir günə səmər. Aldanırkən özümü vurmuş idim sadəliyə Qaçıb hər gündə soxardım başımı bir dəliyə İndi də hürmədəyəm burda nümayəndəliyə Qorxuram Qərbdə son hürməyim olsun bu səfər Atılıb-düşmələrim vermədi bir yaxşı səmər. O səfarət ki, verərdi mənə dusturüləməl Onu Şuraya verib bilmirəm hansı əli şəl Bunu kim işçi nümayəndəsinə qıldı məhəl Əlli min müftəxora vurdu bir imzası zərər Atılıb-düşmələrim vermədi bir günə səmər. Mən də axır yığaram başıma zabitlərimi Bu damın üstünə quşqurram hürən itlərimi Soyacaq işçi yəqindir ki, köpəktək dərimi Heç inanmazdım utanmaz fələkin çərxi dönər Atılıb-düşmələrim vermədi bir günə səmər. * * * Qalmadı Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir. Bu dağılmış məmləkətlərdə həyamız qalmadı Əhd-peyman saxlayan bir aşinamız qalmadı. Tək qoyub meydanda qaçdı bizləri bidərdlər İşçinin hakimliyin təsdiq edir namərdlər Ərşə çıxsın imdi ağlardan min ahi-sərdlər Dərd bidərmanə düşdük bir şəfamız qalmadı Bu dağılmış məmləkətlərdə həyamız qalmadı. Yeddi-səkkiz il təmam aldanmışıq əfsadına Düşməriz imdisə biar oğlunun bir yadına Ağların bu ac günündə çatmayır imdadına Gündə bir cür rəngə düşdük, macəramız qalmadı Bu dağılmış məmləkətlərdə həyamız qalmadı. İstəyir təsdiq edə Şuranı Mil’ran laəlac Böylə olduqda keçən alətlərə yox ehtiyac Bir sürü ağlar oruc tutsun, tamamən qalsın ac. Naümidiz ayrı bir yerdən ricamız qalmadı Bu dağılmış məmləkətlərdə həyamız qalmadı. Var-yoxu satdıq, inandıq bu sədaqətsizlərə Bir adam bildik, sığındıq, böylə qeyrətsizlərə Bir ufaq xərcə satılmışdıq bu himmətsizlərə Qovdu hər namərd, cayi-ilticamız qalmadı Heç tərəfdə, doğrusu ari-həyamız qalmadı. * * * Balaca felyeton Sosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən) Bir müctəhidəm varmışam hər işdə kamalə On beş sənədə yazmışam on cild risalə. Hər şiə bilər var bu risaləmdə nəfasət Hər səfhədə təhlil olunur qüslü təharət Hər sətrdə təfsir olunur şərhi-nəcasət Sahib kəsilir millətimiz fənni-məbalə Burnun tutar insanlar oxunduqda risalə. Yaşdan-qurudan hər nə desən var əsərimdə Minlərcə supa səcdə qılır xaki-dərimdə Almaq, boşamaq fikridir ancaq ki, sərimdə Şuğlum keçələr siğə, günüz fənni-qüsalə Hikmətlərimiz dərsi-həcəm, elmi-imalə. Bunlardan ibarətdi bizim pak şəriət Millətdə təharətlə qurulmuş mədəniyyət. İslamda daim ağadır sahibi-sərvət Bəy-xan sözü millətdə əgər düşsə zəvalə Vay onda əba, qurşağa, əmmaməyə, şalə. Kafirdi bütün sosialist, ya ki, demokrat Yazdıqları, etdikləri bir küfrdir isbat Bunlardan olur sərvətə, həm millətə afat Bunlar qudurub, rəxnə salır cah cəlalə Bunlardı deyən fatihə əmmaməyə, şalə! Bunlar bütün arvadları boş, özləri mürtədd Xan, bəylərə düşmən üzü boz, kinəsi bihəd Xalqın malını harda alar şər’i-Məhəmməd Bir halda kim molla yazıb şər’i qəbalə Harda belə bir bi’dətə yol verdi risalə. * * * Bu gün... İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir. İranda bu gün hökm sürür sülh-səlamət Başdan tükü tərpənməz əgər qopsa qiyamət. Dövlətlər ilən sazlamışıq yaxşı əlaqə Heç bir kəs ilən bizdə səbəb yoxdu nifaqə Zəhmət çəkərək milləti qaldırdıq ayağa Bəsrə yolu Londondan edər xalq ticarət İranlıya bir parça çörək olsa kifayət. Şahənşahi-İran açıb hər ölkədə məktəb Kəndisitək iranlı olub işə müəddəb Həll olmayaraq qalmış isə bir para mətləb Rəqqasəliyə kurs açılır bizdə bu saat Şahın özü də bundan ötrü qıldı siyahət. Hazırca dəmir yolda gəzir milləti-İran Təşkil olub atdan, dəvədən bir neçə karvan. Kurslarda gedib dərs oxuyur çoxlu şuturban; Eşşək minərək millətimiz olmada rahət, Yollarda zühur eyləməmiş bir kərə qarət. Asudə vətən sazlamışıq qeyrətimizdən Millət yatır asudə bizim dövlətimizdən Vursan da qapaz səs çıxamaz millətimizdən Aqil kişiyiz eyləmişik yatmağa adət Azadəyiz hər işdə parlamana nə hacət * * * Və’də Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər. Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə Və’dlər vermiş idi burdakı əhli-şərəfə. Və’də vermişdi gəlib eylərəm azad ərəbi Türkdən qurtararam Bəsrəni, Bağdad, Hələbi. Elə od yağdı ki, yandı ərəbin cədd-əbi. Hərəsi çəmdəyin indisə çəkir bir tərəfə. Əvvəli bir neçə gün yağladı saqqalımızı Verdi cib xərcliyi, saz eylədi əhvalımızı. İndi istər ala biçliklə əba, şalımızı Qoymayır qalmağa başlarda cırıq bir mələfə. Əlinə aldı həyasızca ziyarət bazarın Siğə mə’dənlərini, canlı ticarət bazarın Xorasan kimi vurub yıxdı ibadət bazarın Şaşırıb başımızı saldı bu əngəl-kələfə. Etdilər bircə nəfər tənbəli-Bağdada əmir Lotulardan düzəlib bir neçə qondarma vəzir Hicrətə başlamışıq biz də ki, bir cəm’-kəsir Buradan başlamışıq söyməyə ol naxələfə. Kəsilib xüms-zəkatın yolu, yox mal imam, Nə dul övrət, nə də siğə, nə də ki, gündə həmam Vaxtımız keçmiş idi eyş-ibadətdə tamam İndi isə nə qalıb vəqfə, nə yovmi ərəfə. * * * Partlarız... Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir. Göydə quş, dəryada mahi yetsə azadiyyətə. Partlarız bir kimsə nail olsa gər hürriyyətə. Olmarız razı cahan vəhşiləri can almasa Şadız aləmdə faşistdən başqa, insan qalmasa Öylə bir ali köpək kim hürmüşüz Rimdən Fasa Mussolini bizləri tə’lim edir bu adətə Partlarız bir kimsə nail olsa gər hürriyyətə. Faslılar versinlər istiqlal üçün minlərcə can Qumlu səhralarda axsın sel kimi məzlum qan Ölkəsin təqsim edir etsin beş-altı şarlatan Ölsə ölsün, çatmasın ancaq ki, muxtariyyətə, Partlarız hər kimsə yetsə azca bir hürriyyətə. Olmuşuq axırda biz beynəlmiləl bir bihəya Hürməyir dünyada bir it, bir köpək bizdən sava Bir küçük vanqıldamaz Rimdə pop olmazsa riza Qoymarız əf-əflə dünya xalqı dalsın rahətə Çatmasın bir kimsə bu əf-əfdən azadiyyətə. Yapmışıq bir öylə dərya onda qərq olsun bəşər Etməsin təkrar hürriyyət sözün heç bir nəfər Həp faşist olsun cahan cəlladə dönsün müxtəsər Həp əsir olsun xəlayıq beş nəfər xoş qeyrətə Partlarız hər kimsə nail olsa azadiyyətə. * * * Hər iki fitnəm baş... Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir. Hər iki fitnəli baş fisqü fücurun qabıdır Hər iki zat «vəfadarın» işi qullabıdır Eyləmiş hər ikisi min cürə xidmət bəşərə Etməmiş hər biri ömründə sitəm bir nəfərə. İstəməz heç biri millətlər əsarətdə qala Heç düşünməzlə cahan xalqına bir hərb açıla. Rəhm, insaf, mürüvvətlərinin bir sözü yox, Şübhəsiz özgəsinin bir qəpiyində gözü yox. Nə Cəzayirdə tökür cəbr ilə xalqın qanını, Nə cəfalərlə mərakəşlinin almış canını. Bir kəsin mülkünü almağlığa rəğbətləri yox Seviyor hər kəsi xalq ilə ədavətləri yox. Nə gəlib təngə cəfasında bunun Şamü Hələb Nə frənk adın eşitcək titrəyər çilpaq ərəb. Xilqətən bir yaranıbdır bu iki zat kiram, Bundakı şərm-həya xalq olunub onda tamam. Hər iki əhli-vəfa bir ağacın meyvəsidir Hər iki zatın işi bir lotunun şivəsidir. Biri meydana çıxır, digəri işdən çəkilir Fərqi ancaq budu kim ağ gediyor qarə gəlir, Bu gələn, ya ki, gedən bir qabanın çoşqasıdır Bu da «qeyrətli» frənkin taza bir hoqqasıdır. * * * Boş qayıtdılar İşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər. Yüklədilər arxama karxanəmi, Kəndimə qaytardılar əfsanəmi, Kafir olub yıxdılar kaşanəmi, Hər kəsə qurmaq tələ baş tutmadı, Düşdü başım əngələ, baş tutmadı. İşçi baxantək donuma, şalıma, Tolladı bir lombaça saqqalıma, Zir-zibili yüklədilər dalıma, Xalq ayılıb, məsələ baş tutmadı, Düşdü başım əngələ, baş tutmadı. Tapmış idim sadə, gözəl nevhəkər, Mütribə bənzər qaratel bir pəsər, Məşq verərdim ona axşam, səhər, Heyf xəfi məşğələ baş tutmadı, Düşdü başım əngələ, baş tutmadı. İndi mənim son səfərim, əlvida! Düşdü daha molla Kərim, əlvida! Həm boşanır nevhəkərim, əlvida! Getdi bu canlı şələ, baş tutmadı, Saldı məni əngələ, baş tutmadı. * * * Vallah Yeni əlifbanı köhnə əlifbaçılar nə üçün qəbul etməyirlər?! Kim əsas qoydu burda, yeni əlifbayə, vallah. Təzəliklə salmaq istər başımı bəlayə, vallah. Hamı gözlərin deyərdi qəzetə, kitab görəndə Yazı yazmağı bilənlər sayılırdı bu vətəndə Nə təfavüt olsun indi qara fəhlə ilə məndə. İki ay ki, getdi kursa atılır arayə, vallah Kim əsas qoydu burda, yeni əlifbayə, vallah. Deyir olmasın gərəkdir yazılarda əbcəd, həvvəz, Ərəb əlifbası görcək çəkilib yaxın da gəlməz Dili sadələşdirirlər, nə zəhər, nə həççə bilməz Ərəb əlifbası düşdü bu yaman qəzayə vallah Kim əsas qoydu burda, yeni əlifbayə, vallah. Yazı işlərin heç olmaz oxuyub əməkçi qansın Özünü ərəbləşənlər heç olurmu türk sansın Yazı öyrənir camaat qoymaz ki, iş uzansın Oxuyur dünənki fəhlə qəzeti bir ayə vallah Kim əsas qoydu bilməm yeni əlifbayə, vallah. Evimiz yıxıldı yazmaq əgər olsa bunca asan Oxuyar qanar, hüququn tora düşməz əlbət insan Buna razı olmam hərgiz yazı öyrənə müsəlman Aramızdakı cəhalət gələ intəhayə vallah Kim əsas qoydu bilməm təzə əlifbayə, vallah. * * * Oğlan Bakı ittifaqı el dükanlarını artırdıqca xüsusi dükançıların şikayətləri də artmaqdadır. Bilməm nə kələk açdılar dükkan üçün, oğlan, Bir müştəri gəlməz daha dərman üçün, oğlan! Hər küncdə bir baksayuz açdıqda yanımda Bağrım yarılır təkcə bu viran dükanımda Gəldikdə nalog az qala od yandı canımda Olsun nə qədər səbr bir insan üçün oğlan Bu qüssə rəvadırmı müsəlman üçün oğlan? Boşdur qutular, yoxdur əsər simü zərimdən Çəkmiş öz hasarın tor atan dövri-bərimdən Birəhm siçan qaçmayır artıq nəzərimdən Dükkan yaranıb yoxsa bir heyvan üçün oğlan, Nastoykada, vıstavkada cövlan üçün oğlan? Həp ruhum ölüb yox şu keçən qüvvətli-bazu Tərpənməmiş üç gündə bu biar tərəzu Mal varsa da bir kimsə deməz söylə nədir bu? Qoymuşla məni yoxsa nigəhban üçün oğlan? Yoxsa qaraul qoydula dükkan üçün oğlan? Keçdi o zaman kəndliyə verdim mən əzabı Yüz dəf’ə qızıb başına çaldım bu kitabı Gündə yüzünə vermiş ikən barmaq hesabı İndisə qəpik tapmayıram nan üçün, oğlan, At kəlləsiyəm yoxsa bu bostan üçün oğlan? * * * Nevhələrim Bakıya məhərrəmlikdə mərsiyə oxumaq üçün gələn mərsiyəxanlardan iyirmi nəfəri işsiz qaldığından hər şeylərini satandan sonra İrandan yol xərcliyi istəmişlər ki, çıxıb getsinlər. On bir il Qafqaza peydərpey olubdur səfərim, Xoş gəlib milləti-islamə təzə nevhələrim. Sazlayırdım səsimi hər sənə əyyami-əza Min fırıldaqla alardım özümə əbri-əba Oxuyardım gecələr dəştiyi-mahuri-nəva Xoş gələrdi qulağı tuğlilərə sevti xərim Kərbalayı, məşədi, hacı kimi xun ciyərim. Paraxoddan çıxaraq körpüyə etdikdə nüzul Delegatlar tökülüb eylər idi rəsmi-qəbul Həmısı şi’əyi-xülləs, həmısı qəflətə qul Yedirərlərdi şişərdi gədəni-mötəbərim Kəkələrdim supalar tək dəyişərdi gədənim. Bolşeviklər gələli leyk böyük əngəl açıb Fəhlənin, kəndlinin ki, hələ lap ağlı qaçıb Getməyin dərdi ki, lap canımıza rə’şə saçıb Düşməyədi bura ey kaş əzəldən güzərim Çəkməyədi bu qədər dərdü-bəla didə sərim. Dəyişib fikrləri saxlamayır mərsiyəxan Gəzərik indi iki aydı tamamən hərəsan Satmışam, xərcləmişəm, yoxdur əyağımda tuman Keçiyor ahi-şərərbar ilə şamü-səhərim Qüssəsindən ağarır get-gedə rişi-qəhərim. Satmışam heybəmi də, qalmamış əmmamə, filan Həm özüm burda acam, həm də ki, evdən nigaran Orda, burda nə qədər səsləyirəm «ay söz alan» Söz alan olmadı gər çıxsa da mahi-səfərim Qaldı köhnəldi təzə nəşr edilən nevhələrim. Bir neçə yerdə fəqət bəzmi-əza saxladılar Onu da aldı ələ burda olan zurnaçılar Nə qədər vasitə saldıqsa yaxın qoymadılar Şeyx Ğəni söylədi öz məmləkətim, öz şəhərim, Qoymadı ağzımı da açmağa, artdı kədərim. * * * Dükanda Qəzalardakı dükançılar müxbirlərdən narazı olduğu kimi Binəqədidə baqqal Əli Əlimərdan oğlu da «burada muxbur çoxdur» deyib dükanı yığışdırmışdır. Pislənmədədir get-gedə əhval dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Axırda soğan doğradı ovqatıma müxbir Bir düşməni-can oldu mənim zatıma müxbir Hər yerdə gəzib göz qoyub halatıma müxbir Axşama kimi çömbəlirəm lal dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Təftiş olunur gündə beş-on dəfə tərəzu Çirk olsa tabaq söyləyəcəkdir: bu nə yahu! Gah müxbür olur, gah dönüb doktor olur bu, Əl üstü yazar görsə bir əşkal dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Qatsam yağa piy, eyləyəcək əldə bəhanə Yazsa qəzetə iştraf eyləllə dükanə Söz müxtəsəri getdi bu şeytan məni canə Bilməm nə görüb bu dəli dəccəl dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. Bir fəndimi dərk etsə düşər şəhrə qiyamət Hər gündə yazar qəzetədə bir dürlü hekayət Müxbir haradı varsa yox azadə ticarət Etmişlə bizi bir quru həmmal dükanda Sərmayə bitib, qalmadı bir mal dükanda. * * * Qan edən Xırda millətlərə nəcat vermək üçün Almaniya cahankirliyini əzib ümumi sülhü bərpa etmək əməlində olan Qərb sərvətdarları ikinci bir müharibəyə hazırlanırlar. Əvvəlinci hərbdə Vilhelm idi tufan edən Aləmi təsxir üçün hər səmtə hərb elan edən. İstəməzdi bir zaman rahat dolansın kainat Qoymadı məxluqun istiqlalı qalsın bərhəyat İmdi taxtından salıb dünyaya verdin bir «nəcat» Min təşəkkür kim tapılmaz əsrdə bir qan edən, Aləmi təsxir üçün dünyaya hərb elan edən. Bitdi qovğa, qalmadı artıq xüsumətdən nişan, Sərvətin əmrilə «təhdidi-silah» olmuş cahan Yeddi ildir dəhrdə baş verməmiş «qarət-filan» Qalmamış dünyada xalqı gündə bir talan edən, Min təşəkkür kim tapılmaz dəhrdə bir qan edən. Hər vilayətdə qurub kabinə bir adil kişi Hər kəs öz mülkündə, xatirdən çıxıb ilhaq işi, Olmuş asudə qoyun, zira sınıb qurdun dişi, İşçilər də razı qalmış, yox daha üsyan edən Min təşəkkürlər tapılmaz dəhrdə bir qan edən. Cüzi qan tökdüksə artıq sülhü qıldıq payidar Yer üzü tutmuş tamamən üç nəcib əldə qərar. Xırda dövlət çoxsa, fərmanlar bizimdir hər nə var, Bizləriz dünyada hər şeytanlığı bünyan edən, Qoymadıq dünyada qalsın bir nəfər üsyan edən. * * * Balaca felyeton İngiltərə mətbuatı deyir ki: 1922-ci ildə Misirə istiqlal verməyi və’d etdiksə də, bu gün siyasi, iqtisadi vəziyyət Misirdən, İraqdan çıxmağı təqaza etməyir. Xidmətin misrlilər etmədi itmam hənuz Müstəqil olmağa yox onda sərəncam hənuz. Orada əskərimiz qalmalıdır bir neçə il Ta ki, bitsin suyu, yansın, qurusun vadiyi-Nil Lazımınca hələlik olmadı bu ölkə zəlil Uçmamış əski Əbülhövl ilə ehram hənuz Müstəqil olmağa yox onda sərəncam hənuz. Duracaq Misrdə İngiltərə durduqca kanal Buradan Londona seltək axıyor sərvət, mal Buraxarmı belə bir varlı yeri əhli-kamal? İngilislərdə hanı sən dediyin xam hənuz? Müstəqil olmağa yox orda sərəncam hənuz. Biz gedəndən sonra kabinədə tək qalsa Fuad Məsləkindən düşürər aləti ərbabi-fəsad Qoymuşuz Misrdə, Sudanda da bir sevməli ad Xoş gəlir ordakı alətlərə bu nam hənuz Müstəqil olmağa yox orda sərəncam hənuz. Nə qədər varsa xarab ölkədə Zəğlul kimilər İngilislər oradan söylə daha əlmi çəkər? Üç il əvvəl olara verdiyimiz və’də yetər Verəriz indi də ol və’dəyə düşnam hənuz Müstəqil olmağa yox orda sərəncam hənuz. * * * Balaca felyeton Fələstində yerli ərəblər tərəfindən min nifrətlər ilə qarşılanmış Balfor indi də Diməşqə, Şama gedir. Çıxdı nifrətlə Fələstin xalqı istiqbalıma Şamda bihəd tüpürcəklər yağar saqqalıma. Fəxrdir bundan da artıq yağsa nifrətlər bənə Qoysa heykəl lə’ndən məzlum millətlər bənə Bir təqərrübdür kral indindən lə’nətlər bənə Şərqdə on dörd hökumət salmışam çənkalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma, Təkcə şəxsimdən mənim məmnun deyildi ölkələr İngilislikdən ümumiyyətlə məmnundur bəşər Şöhrət etmiş bizdə bir sadə naxallıq müxtəsər Nailəm ancaq həyasızlıqla hər amalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma. Ölkələrdə qəhr, nifrətlərlə bəklənməkdəyəm Mən o nifrətlər, o lə’nətlərlə əylənməkdəyəm. Lə’nət artdıqca şişib artıq köpüklənməkdəyəm Çünkü əvvəldən bu xasiyyət, düşüb iqbalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma. İstərəm həp kainatım alət olsun Londona Ondan ötrü eylərik min .....lik ondan buna Öylə bir tülkü ki, girrəm hər məkanda bir dona Şərqdə minlərcə Feysəl bağlanıb dunbalıma Eybi yox yağsa tüpürcəklər əgər saqqalıma. * * * Balaca felyeton Fransanın Mərakeşdə hərəkatda bulunan əsgərləri əlverişli mövqe’ləri işğal etmək üçün ric’ət eyləmişlər. Mərakeş xalqında yox mədəniyyət Getmişdim onlara verəm tərbiyət. İnsanlıq üçündür etdiyim tufan İnsan düşmənidir həp Ərəbistan Rəhmdil parlman göndərib fərman Ölkələr yaxılsın, talansın millət, Mərakeş xalqında yox mədəniyyət. Odlu təyyarədən cəhənnəm saçdım Yurdsuz çocuqlara atəşlər açdım «İntizam altında qayıtdım qaçdım Möhkəm səngərlərə eylədim ric’ət» Mərakeş xalqında yox mədəniyyət. Şəhərlər odlandı, kəndlər də yandı Ağ-yaşıl çadırlar qana boyandı Topların səsinə millət oyandı Qaçmadı nə qədər vurduqsa zərbət Mərakeş xalqında yox mədəniyyət. Getmişəm ölkəsini qılmağa təqsim Süngümdən, topumdan verməyə tə’lim Tumançaq ərəblər olmadı təslim İrəli yürümək deyil məsləhət Mərakeş xalqında yox mədəniyyət. Bir səmər verməyir açdığım atəş Rifler ölkəsində yetər kəşakəş Mərakeş deyilmiş əski Mərakəş Parlmana söylə çəkməsin zəhmət Yeni istiqraza qalmadı hacət. * * * Bəxtəvər İran İran Şimal neftinin imtiyazını on milyon dollar istiqraz şərtilə Sinkler kompaniyasına vermişdir. Bir yaxşı parlaman düzədib bəxtəvər İran Hər müşkülə bir anidə surət çəkər İran. Bir öylə parlaman ki, sevər sülh-səlamət Açmaz gözü çeşmində əgər qopsa qiyamət İranlıda əz bəski təbiidi bu halət Xilqətdə yaranmış deyəsən kur-kər İran Zatində qul olmağı sevir sərbəsər İran. Bir əngəl ikən neft Cənub işləri hala Bir öylə ölüm qıldı Şimalında müəyyə Yazdıqlarımı kəndinə aldırmayır əsla Yorğanı salıb başına xorna çəkər İran Durmaz yuxudan olsa əgər min səhər İran. Öldüsə vətən, neft işi yetdikdə təmamə Əlminnətilləh ki, papaq düşdü nizama Tehrandakılar bir kazirok verdi əvamə Başsız papaq axtarmadadır dərbədər İran Doğdu özünə axırı bir çanəvər İran. Satmaqda görüb məmləkətin sülh-səlahın Hər gün oxudar bir kişiyə əqd nikahın İranlı təbiətdə qazanmış bu günahın Hər gün özünə tapmadadır birçə ər İran Bilçümlə xorasanlı imiş bəxtəvər İran. * * * Ad etdiyin Amerika Fransadan borclarını tələb edir. İngilislər də bu haldan sevinirlər. Kəndini iflasdan qeyrətlə «azad» etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin? Öylə zənn etmə ki, mən külməkdəyəm iflasına İngilis xalqı təmamən müntəzirdir yasına Hər nə isə əncümən bir möhrə saldı tasına Kəndini bərbad qıldı nemsi bərbad etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin Bir düşün kimdəndir ibraz etdiyin son bir zəfər Öz küçünlə yoxsa bildin məhv edilmiş nemslər? İndi ki, məğrursan, dinlə deyim tək bir xəbər Özkənin zövgilədir kəndini damad etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin Az qalıbdır borclular dartsın ayağından tuman Sən Lehistanə yenə imdad edirsən son zaman Yüz franqa vermədikdə ölkədə bir loqmə nan Gülməyə layıq deyilmi Fasda bidad etdiyin? Qonşunu küldürməsinmi bunca bir ad etdiyin. Ver görək hər nə varınsa mərhəmətsizdir fələk Bir sümük qapdıqda belə olmayır rahat yemək. Borclusan ver! Biçarələrdən nə şikvə eyləmək? Pul yoxunsa əldə kər, biçadı fəryad etdiyin Qonşunu küldürməsinmi bunca bir ad etdiyin. * * * Olmaz İngiltərədəki işsizlik məsələləri parlamanda müzakirə edildikdə, baş vəkil Boldvin demişdir: «İşsizliyin qabağını almaq üçün İngiltərə hökuməti daima sülhü bərpa etməyə çalışmışdır. Olmazsa ingilislər sülh-səlamət olmaz. Hər yerdə ingilis yox orda ədalət olmaz. Əlhəmdülillah etdik dünyaya sülh içində Bir qətrə qan tökülməz İranda, Hind-Çində Salmaqdayız qiyamət hər gün o tin, bu tində Bir ünsürüz ki, bizdə gizlin siyasət olmaz Olmazsa ingilislər sülh-səlamət olmaz. Hər məmləkətdə hala zil salmışıq siçantək Hazırdır ingilislər birçə qoxu qanantək Şərq ölkəsində xalqı sançarsa gər ilantək Hər adət olsa onda, ancaq xəyanət olmaz Biz harda olsaq orda cəlladə hacət olmaz. Baxma ki, ölkəmizdə işsizlər eylər üsyan Bir az da ortalıqda var iqtisadi böhran Ar etməyin dolursa işsizlər ilə hər yan Məhv olmayınca zəhmət bizdə səadət olmaz Biz harda olsaq orda cəlladə hacət olmaz. * * * Oğurluq İran parlamanında bir çoxları Zəhirülməmalik kimi oğurluq mandat ilə nümayəndəlik etdikləri üçün kənar edilmişlərdir (İran xəbərlərindən). Dörd min sənədir olmamış İranda oğurluq Hala ki, zühur etmədi bəy-xanda oğurluq. Bilməm niyə bəs qıldı qəzet bizləri rüsva Mandat satılırmış bu keçən seçkidə guya. Bunlar hamısı sırf yalan bir xəbər, əmma Kəşf eyləməyib kimsə parlamanda oğurluq, Hər zad olar, olmaz fəqət İranda oğurluq. Millət hamısı molla, seyid, əhli-dəyanət, Hər rəngə girib eyləməmiş bir kərə sirqət. İranlı yazıq eyləməmiş bu işi sənət Bir din kimi kök salmamış hər yanda oğurluq, Şər’i dona həm girməmiş İranda oğurluq. Tapşırmış əmanət necə şey həzrəti-Adəm Olsun gərək orda evə bir oğru müsəlləm Aləm tüpürə çəmdəkinə eyləməsin qəm Bir müxtəsər olmazsa müsəlmanda oğurluq Düşməz moda bir din kimi hər yanda oğurluq. Ə’yanımız həm oğru, şəhənşahımız oğru, Zillülləhimiz, şahi-dilakahımız oğru, Olsa yeməyə ağzı gər allahımız oğru, Ə’yanda, əsilzadədə, zadəganda oğurluq Çünki anadan doğmadır İranda oğurluq. * * * Əcəba Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır. Bu yazıq çinlilərin ağlına bir bax, əcəba Qoyulur orda köpəklərlə bərabər nüçəba. Deyirəm onlara, ay vəhşi, kim aldatdı sizi? Kim dedi tanrı köpək xalq eləmiş ingilisi? Qanmamışsız yenə də məncə təmiz, natəmizi Sərvətə, dövlətə sizlərdə itaət bumu ya? Lorda vermək köpək isnadı yararmı əcəba? Qan içən bir kəsə çayizsə əgər it də demək Yaramaz ortada ancaq iti təhqir eləmək İngilislərlə yapon varlısı fəxr eyləyəcək Onlar it olsa da it olmayacaq bunda riza Köpəyə lord demək səhvi yararmı əcəba? Nə desən var yeri insanlar əzib qan içənə Söylə itdən nə fənalıq yetişibdir vətənə? İt əgər ömrdə beş-on kərə hürmüşsə sənə İki əvvəlki köpəklərlə də pislənmiş hava Köpəyə lord demək səhvi yararmı əcəba? İti bir dəf’ə qovarsan daha gəlməz yanına İngilislər kimi göz tikməz o, son yorğanına İt yapontək susamaz əsrdə hərgiz qanına Atıb əvvəlkiləri itdən ara sidqü səfa! Köpəyə lord demək səhvi yararmı əcəba? * * * Balaca felyeton Amerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm. Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz Tərki-təslihatı sevməm, çünkü xunxarəm hənuz. Hərb edən olmazsa düşməz ölkələrdə bir nifaq Müttəfiqlər dinçəlirsə qalmaz əski «ittifaq» Ölkələr çənkalıma düşməkdə hər gün bir sayaq Gündə bir İrandan, Albandan tələbkarəm hənuz, Tərki-təslihatı sevməm çünkü xunxarəm hənuz. Müttəfiqlərdən yoxumdur qorxu halətdən düşüb İngilislər nemsdən bədtər rəqabətdən düşüb Şərqi-əqsada yaponlar lap ki, qeyrətdən düşüb Mənsə altunlarla dünyamızda qəhharəm hənuz Tərki-təslihətə bənd olsam da xunxarəm hənuz. Qarşıma olmaz çıxan tərki-silah etsəm də mən Qalmamış zira ki, sönmüş Qərbdə baş tərpədən Cümləsi borclu, acından qalmamış çıngır çəkən Onları bundan da bədtər soymağa varəm hənuz Tərki-təslihətə bənd olsam da xunxarəm hənuz. Ortada ancaq ki, məncə az silah olsun gərək, Fürsət olduqca yenə bir hərb tə’sis eyləyək, Qərbi qan boğsun, qırılsın xalq, biz amin deyək, Aləmi-insana ədlimlə pərastarəm hənuz, Hərbçu olsam da sülhə mən tərəfdarəm hənuz. * * * Balaca felyeton «Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan) Gər yapmasa Şura sənədin əldə bir alət Öz fitnəsin ixfa edəməz oğru siyasət. Hind işçisi axırda əgər qılsa bir üsyan Balkanda bu gün hərb aça gər sərvətə dəhqan İngiltərəyə lə’n edə gər həp Ərəbistan Bu işdə də Şuralar edər məncə dəxalət Şura sənədin eyləyərəm fitnəmə alət. Bir lord ola gər Misrə də, Sudana da hakim Vəhşətlə Trablisə girə bir sürü zalım Bir söylə mənə «növbə»nin üsyanı nə lazım? Millətlər əgər təngə gəlib yapsa qiyamət Şura sənədin eyləyərəm əldə bir alət. Hazırlamışız Kə’bədə çoxdan bəri cəncəl Getdikcə Mərakeşdə, Fələstində bir əngəl Hazırlayırız Şərqdə hər il neçə Feysəl Aləm bizə müstəmləkədir iştə kifayət Şura sənədin eyləmişiz dildə bir alət. Minlərcə fırıldaqlar əgər çıxsa «Xəta»də İranı da bəl’ etməyə gər qılsam iradə Bişübhə əgər çıxsa bir üsyan fuqəradə Əlbət belə üsyanı qəbul etməz «ədalət» Şura sənədin eyləyərəm burda da alət. * * * İrandan məni İran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır. Atdılar girəm ki, millət mülki-İrandan məni Etdilər rüsvayi-aləm xalq hər yandan məni. Gör neçə töhmət deyir haqqımda nadan millətim Yazdılar guya ki, biarəm, yoxumdur qeyrətim. Çıqqama and olsun amma bu işə var minnətim Çünki məmnun eyləmişdir ingilis candan məni Qovdular, qoy qovlasınlar, millət İrandan məni.. Tacü təxtimdən məni cəbr ilə məhrum etsə də Zatimə bu əmri namərdanə mə’lum etsə də Olduğum şantanda yüz il həbsə məhkum etsə də Leyk məhrum eyləməz heç kəs cibişdandan məni, Lüt görüb artıq çölə atmazla şantandan məni. Doqquz ildir aşikara satmışam İranımı Qoymuşam Londonda bankə hər nə var «vicdanımı» Qalmaram ac, ingilis tə’min edər həmyanımı Gündəlik ruzi görür hala ki, həmyandan məni, Qovlamış girəm ki, millət mülki-İrandan məni. Ad bizim olmuşdu, ancaq özkənindir məmləkət İmtiyaz ilə satılmış sərvətə hər bir cəhət Qovdular, qovsunlar, allah bəlkə görmüş məsləhət Eyləmiş allah özü azad o virandan məni, Qovlamış girəm ki, millət mülki-İrandan məni. * * * İran milləti «Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir. Ali Qacarı sevir, əlbət ki, İran milləti, Məmləkət təqdir edir artıq bu zişan milləti. Bunların əhdində İran iftixar etməkdədir, Elm-ürfanilə millət iştəhar etməkdədir, İngilislər gündə bir səmtin şikar etməkdədir Qoymamışlar vadiyə qəflətdə nadan milləti Etməmişlər zərrə də olsa pərişan milləti. Məmləkət hər yan dəmir yol, yoxdur eşşəkdən nişan, Millət öz mülkündə hərgiz olmamışdır bağban, Getməyir Şirazə burdan on bir ayda karvan, Etməmişlər yəksər eşşəkçi, şütürban milləti, Satmamışlar gündə bir biarə heyvan milləti. Mollalardan ötrü açmış əlli cür darülfünun, Məmləkət bidətlər içrə qalmamışdır vajkun, Olmasın bu xanədanın təxt-tacı sərnükun, Qoymamışdır çünki hər işdə hərasan milləti Hər tərəfdən çulqamışdır elm-ürfan milləti. İndi ki, bunlar bitirmiş öz böyük xidmətlərin Vardı bir təklifi İranda olan millətlərin Arxivə qoysunlar artıq padşah həzrətlərin Şahsız qoysunla bir no’ilə əl’an milləti Ali Qacarı sevir, əlbət ki, İran milləti. * * * Dünyaya gəlir Vyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər. Yaz olan kimi toyuqlar da yumurtaya gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. Zərbə vurmağlıq üçün qırmızı beynəlmilələ Qərbdə verdilər «qeyrətli» keşişlər əl-ələ Anlamışlar ki, bitib işləri bağlandı şələ Köhnə din məsələsi tazədən ortayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. Qatilin hərbə əzəl ordusu qılmışdı yeriş Tankı, həm topları da görmədi meydanda bir iş Hər gücün vurmuş idi qalibə qalmışdı keşiş Son güman, ləğv olunan əski kilisayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. Burda da hiyləsi baş tutmasa boş qalsa əli Yıxa bilməzsə əgər qırmızı beynəlmiləli Daha yox ayrıca bir çarəsi başqa əməli İndi də birçə güman göydə Məsihayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. İstəyir dini yenə sərvətə qalxan qayıra Hərb üçün köhnə kəlisanı da meydan qayıra Qara qarğanı da bir dahiyi-dövran qayıra Hər gələn qaçdı, çıxış növbəti qarğayə gəlir Sarı beynəlmiləlin bacısı dünyayə gəlir. * * * Balaca felyeton Almaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik. Ol gün Parijin işçisi tufan qoparırdı. Məğlub edərək sərvəti üsyan qoparırdı, Ol gün ki, sizin mülkdə qopmuşdu qiyamət, İş fəhləyə keçmişdi yıxılmışdı hökumət, Ol gün ki, qızartmışdıla Sen nəhrini qandan Alman sizi qurtardı bu dəhşətli zamandan. Nems ordusu hər səmti yaxıb yıxdı sərasər Bizdəndi ki, Versaldakılar çıxdı müzəffər. Dəhşət saçaraq heykəli-hürriyyəti yıxdıq, Bir gündə girib şəhrə kommunanı dağıtdıq İmdisə əzib ondakı qatilləri dövran İşlər dəyişib sizlərə məğlub olub alman Bir az daha lakin böyüsə Rurdakı tə’til Hər yerdə qiyam eyləsə nems işçisi təkmil Axır bu çürük əyri hökumət bizə qalmaz Biz məhv olarız, sizlərə də bir qəpik olmaz. Üsyan böyüsə, qursa əgər fəhlə hökumət, Ondan sora bişək yetişər sizlərə nöbət, Ən yaxşısı əvvəl verəlim əl-ələ birdən Qeyrət edəlim, qaldıralım fəhləni yerdən. Heç bir nəfərə vermiyəlim dinməyə imkan Burnu əzilib fəhlələrin, etməsin üsyan, Qatil kapital bir-birinə olsa da düşmən Fəhlə işi gəldikdə biriz həp neçə sən, mən. * * * Bir firqə çıxıb İtaliya Mərakeş işlərində iştirakı qərara almışdır. Bir firqə çıxıb ölkəmizə dövlətimizdə, Ondan bəri var fəthü zəfər millətimizdə. Düşsə yeyəcək indi başımdan yekə hər zad, Şıllaq ataraq eyləyəriz min cürə bidad, Bir... yeməsək də salarıq boş quru fəryad, Hürmək dəxi bir xariqədir şöhrətimizdə, Bir firqə çıxıb ortalığa dövlətimizdə. Hər guşədə bir yağlı tikə tapsa gər əlvat, Öz varlığımı etməliyəm mən dəxi isbat, Qoymam yeyəsiz faslıları siz iki xoş zat, Eybi nədi hürmək qoyulub xilqətimizdə, Bir firqə çıxıb ortalığa dövlətimizdə. Ən qısa, bərabər durarıq hər bir əməldə, Bu iş dəxi qanuni bir ünvan olub əldə, Bir bunca cahangir deyil idik biz əzəldə, İndisə böyük dövr açılıb qeyrətimizdə, Ondan bəri var fəthü zəfər millətimizdə. Nöqsan yeri yox, böylədi hazırkı siyasət, Bir-birlərinə hürmək olub Qərbdə adət, Müstəmləkələr bitdi daha qalmadı qarət, Cəncəl çıxacaq indi bu son qarətimizdə, Eybi nədi hürmək qoyulub xilqətimizdə. * * * Parlamanımıza İran parlamanı 27, 28, 29 səfərdə parlamanda mərsiyə oxutdurmağı qərara almışdır. («Sitareyi-İran») Yığılıb bir sürü əmmamə parlamanımıza, İstəyir bir yeni dövr açmağa İranımıza. Ayılıb xabdan axırda Əcəm məmləkəti, Yenə də mərsiyəxan ilədir hər məsləhəti, Rövzəxanlıqla parlamanımızın hər cəhəti, Əskilik çünki təbiətlə girib qanımıza, Qorxarız göz dəyə axırda parlamanımıza. Doğrudan da dəyişib iş, yeniləşmişdir Əcəm, Elə bir ölkə ki, təhrirdən acizdi qələm, Yenə də mərsiyəpəzlik, yenə zəncir, ələm, Yenə də gəl qulaq as naleyi-əfğanımıza, Yığılıb bir sürü əmmamə parlamanımıza. Köhnələr ölkəsidir, mollalar İranıdı bu, Lotular məclisidir, şiə parlamanıdı bu, Əvvəlindən də bir əfsanə parlamanıdı bu, Burası doğru bir əyləncədir əyanımıza, Yığılıb bir sürü əmmamə parlamanımıza. Rövzəxanlıqda mübariz durarız ingilisə, Qələbə çalmaq üçün mərsiyə lazımdı bizə, Yenilik qurmaq üçün yalvarırıq rövzəpəzə, Bəlkə yardım qıla hər yerdəki üsyanımıza, Yığılıb bir sürü əmmamə parlamanımıza. * * * Məhərrəm nəğmələri Məhərrəm gəldiyi üçün şeyx Qəni şəxsən məscidin döşənməsi işlərində iştirak edir. Toplandı yenə məşhədilər yanına şeyxin, Salsın hamı bir para cibişdanına şeyxin. Əlhəmd ki, məscidlər olur xaneyi-vəslət, Evlənmək üçün başlanıyor xırda ticarət. Huridən alır kəbləyilər gündə yüz övrət, Bir söz demərəm doğrusu qılmanına şeyxin, Böhtandı bu iyrənçi iş ünvanına şeyxin. Hammalları da eyləyəcək huriyə damad, Nəqd pul verir onlar da alır nisyə bir arval, Dünyada əzab qalmadı şeyxin evi abad, Min şükr edəcək xalq bu ehsanına şeyxin, Toplandı yenə məşhədilər yanına şeyxin. Hurini bəzər şeyx ağa moizədə hər dəm, Ağzı sulanıb xalqın olur haləti bərhəm, Əlmuzdun alır toyda bu məşşatə müəmməm, Zira yaraşır məs’ələ vicdanına şeyxin, Layiqdi bu ərz etdiyim ünvanına şeyxin. On gün başa-baş tozlu həsir üstə müsəlman, Vaxtın keçirər vəslilə ol quli-biyaban, Zövq eyləyə qılmanla başı örtülü nisvan, Artıq nə deyim dinçi müsəlmanına şeyxin, Layiqdi deyən sözlərim ünvanına şeyxin. * * * Məhərrəm nəğmələri «Çün xeymələr o Şumrə hökm oldu qarət olsun». Həmşəhri məscidində şeyxə qənimət olsun. Onda ki, molla Kamyab vurdu Hüseynə zərbət, «Ey vay ağam» bağırdı məsciddə sadiq ümmət, Ey şiə etmə artıq Şumrə, Yezidə lə’nət, Bir kərrə söylə dildən Kamyaba lə’nət olsun, «Çün xeymələr o Şumrə hökm oldu qarət olsun». Hər il məhərrəm olcaq şeyxin kəramətindən, Çıxsın gərək bir az pul islam millətindən, Sirrin gedib soruşsan şeyxin son övrətindən, Söylər gərəkdi şeyxə hər gün bir övrət olsun, Bir dəfə söylə dildən bu şeyxə lə’nət olsun. Xalqın başına eylə səpdi yalanı molla, Hazırladı o dəmdə noxta, palanı molla, Ləşkər hücum edəndə atdı əbanı molla, Az qaldı məscid üzrə bərpa qiyamət olsun, Bir dəfə söylə dildən Kamyaba lə’nət olsun. Öldürdü şeyx əfəndi Ali-Əlini ətşan, Xəncər əlində söylər minbərdə «va cibişdan», Hala yenə bazarda bu anlamaz müsəlman Qəsdində qoydu şeyxə pul versin, alət olsun, Həmşəhri məscidində bərpa qiyamət olsun. * * * Hitler «cənnətində» Almaniyada çıxan «Kölnişe Zaytunq» qəzeti Alman xalqına tövsiyə edərək yazır ki; «Ərzaq normasının yenidən azaldılması zamanı təlaş və təşvişə düşməyə lüzum yoxdur». Hər nə ağan buyursa, əmrə itaət eylə! Mümkün qədər çox işlə, az ye, qənaət eylə! Çox torpaq aldıq, amma yoxdur çörəkdən asar, Yağ yox, pənir yox, aş yox, yanmış xərabələr var. Anbarda yağlı və’də, ərzağımız — yalanlar... Narazılıq nə lazım, al ye, kifayət eylə. Hazırlanıb sizinçin bu qanlı hərb, bu meydan, Hər yanda çağlayır qan, ölür minlərcə insan. Qarnın ac isə sən də Hitler kimi axıt qan, Bir qab içib o qandan vicdanı rahət eylə. Dinmə, danışma, ruzun gündən-günə azalsa, Ərzaq adı şəkildə, sözdə, kağızda qalsa, Oğlun, qızın, əyalın gər ac qalıb saralsa, Yox başqa bir vəzifən, ancaq ibadət eylə. Başdan-başa qırılsa, məhv olsa kütlə, millət, Qalmaz yeyənlər, artar ölkəndə naz-ne’mət. Bax, səndən ötrü Hitler yaratdı böylə cənnət, Dolan meyitlər içrə, qanda səyahət eylə!.. Fəxr et bu aclığınla eylə idarə qurdun, Səndən alırkən ilham, vicdanı güldü qurdun: Səbr et, bir az da qurban versin o xəstə yurdun, Onda fəğana başla, onda şikayət eylə! * * * Canavarsan, canavar! Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi. Həvəsin var toxu hər tin başı minlərcə yalan, Toxu, lakin onu yox bir qara dinarə alan. Yediyin, içdiyin, axtardığın insan qanıdır, Səni məhv eylədiyin ölkələr, ellər tanıdır. Yerə girsən yenə gizlənməyəcək zati-südün, Bilir aləm quduz itlərdən alınmış öyüdün. Elə bir fahişəsən yüz kərə vursan da bəzək, Bir gəlin şəklinə girsən də, təzəksən ki, təzək! Başqa ad yox, bütün aləm səni cəllad sayır, Dırnağından o kimin qanlarıdır damcılayır?! O yalan mərhəmətin, ne’mətin, ədlinlə sənin Çıxa bilməz bu qış aclıqlar içindən vətənin. Xalqı aldatmaz o rəngin, o yalan və’dələrin, Bəllidir yer üzünün xalqına dabbağda dərin. Sən deyirsən kölələr yurduna dönsün bu cahan, Qan tökürsən, düşün, ancaq boğacaqdır səni qan. Tülkünün Məkkəyə getməkliyi aydın bəşərə, Qara, mənhus adın aclıq gətirir ölkələrə. İti təhqir eləməkdir sənə ad versələr it, Elə itsən ki, yumaz çəmdəyini Bəhri-mühit. Sənin alnında faşizmin elə bir damğası var, Görə hər kəs deyəcəkdir canavarsan, canavar! * * * Tazə təbabət Faşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir». Başqa nəzərlə baxmayın başladığım bu qarətə, Çünki mənim təşəbbüsüm arxalanır təbabətə. Slavyan millətinin mə’dəsinə zərərdir ət, Tazə təbabət aclığı gördü bu xalqa məsləhət. Vicdanımız sığışmayır heyvanı candan eyləmək, Adətimiz olub daha el talamaq, adam yemək. Mal-qaradan təmizlədik aldığımız o yurdları, Yırtdı, dağıtdı, çeynədi xalqı faşizm qurdları. Töylədə qoymadıq inək, hində də yox toyuq-cücə. Məsləkimiz də, elm də, fənn də bağlıdır küçə. Məhv edərəm bu məsləkə etməsə xidmət elmü fənn, Saldıraram onun da mən boynuna qanlı bir kəfən. Elm deyir ki: məhv olub məhbəsə dönsün ölkələr, Fənn deyir ki: öldürün! Qalsa salamət, ət yeyər... Taleyim etsə bir kömək, mümkünüm olsa bir kərə, — Tapşıraram bu ərzi mən ac və quduz köpəklərə. Taxmışam öz qiyafəmi fəlsəfəyə, təbabətə, Lakin inanmıram bu gün bəxtimə, qalibiyyətə. Hər nə qazanmışam xəyal, əldəkilər deyil mənim, Mən düşünən düz olmadı, hərbi uzatdı düşmənim. Gündə yüz əlli min kərə yalan desəm dirilmərəm, Ət də yesəm dirilmərəm, bal da yesəm dirilmərəm. * * * == Mənzum hekayələr == Karvan Mən gəlirdim keçən il İrandan, Qarşıma çıxdı bir böyük karvan. Yüklənib dörd ayaqlı heyvanlar, Kötək altında inləyib yortar. Yüklü heyvan çamurda, palçıqda, Döyülür azca dinçin aldıqda. Dalıda bir öküz yorulmuş ikən Ona hər kimsə bir böyük düşmən. Döyülür, tapdanır, fəqət dinməz, Başını qaldırıb da qırçınmaz. Döyülüb tabsız uzanmışdı, Kötəyi bir vəzifə sanmışdı. Ona quya hüquq imiş mallıq, Zatına bir şüar olub lallıq. Nə arar bir nicat üçün tədbir, Nə də əcz eyləyir o dilsiz əsir. Dinməyir həqqinə edirlər zor, Ağac altında ölməyə məcbur. Nə qılar zülmdən dərin fəryad, Nə edər bir nəfərdən istimdad. Həll edər hər müqəddəratın ağa, Öküzü xəlq edən odur quya Acığım tutdu qafil heyvana, Dedim: aldanma haqsız insana. Başını salma daima aşağa, Bir oyan, gör nə hiylə etmiş ağa?! Sənə daim çatır ağır bir yük, Yaramaz bunca qafilanə sükut. Yaramaz bunca e’tidal sükun, İbrət al qonşulardan, olma zəbun! Dəyişib sən düşündüyün dünya, Sən yenə əski gündəsən amma! Ağada yoxsa mərhəmətdən əsər, Dinləmək sizdə bir ədəbsə, yetər! Bu itaət deyil, cəhalətdir, Səndə bu bir dərin səfalətdir. Sənə lazımsa gər bir istiqbal, Yükü boynundan at, hüququnu al! Yaşamazsan bu hal ilə hərgiz, Yaşayış olmamış mübarizəsiz. Gecə-gündüz, igirmi dörd saat, Sənə yoxdur doyunca bir rahət. Anla, bil, zəhmətin nə qiyməti var, Anlamırsan, olursan istismar. Ağana artıq e’tibar etmə, Özünü yorma bunca, incitmə! Ağanın bil nədir təmənnası, Bu adın müftəxordu mə’nası. Yaşayışda hər iş mübarizədir, Öküz olma, cahanı anla nədir! Bax nə növ’ hüquq üçün insan, Qaldırır hər məkanda bir üsyan! Sən də insandan al bir az ibrət, Qoşul insana, eylə bir himmət! Cəhd qıl, nəslin olsun azadə, Sən də asudə ol bu dünyadə! Dedi heyvan: nədir bu söhbətlər, Vəhşilərdən mənə danışma, yetər! Demə artıq inandığım insan, Məni üzməkdən həzz alır əl’an. Sizdəki incə, möhtəşəm sima, Bizi təzyiqə dam imiş quya. Bilmədim dəhrdə hər iş zordur, Bizə dünya ölümlü bir tordur. Sizdən ol qədri görmüşəm dəhşət, Mənə vermişsiz olmazın zəhmət. Nə baxım bircə qanlı cəllada? Nəfsidir hər xəyalı dünyada. Öldürür, incidir, əzir daim, Ona öz qarnıdır fəqət lazım. Başlarız biz də bir gün üsyana, Vurarız zərbə yolsuz insana. Məhv olar bizdə hökm edən qəflət, Qurarsız bir işıqlı cəmiyyət. Düzələr bizdəki pərişanlıq, Yaşamaz kütlədə bu nadanlıq. Adımız bir daha öküz qalmaz, Sinfimiz bir bu qədri alçalmaz. * * * Kənd alverçisi 1 Görməmişdi ümum kəndistan Hacı Şə’ban tək «iş görən» insan. Dükanı, mülkü, bağı, bostanı, Özü kəndin böyük bir ə’yanı. Kənd xalqı nüfuzu altında, Hər bir övzai həddi-zatında. İş görənlər əlində istismar, Rəncbər, fəhlə, işçi, sən’ətkar. Kəndxuda həm əlində bir alət, O da əmrində hazır hər saət. Molla, seyyid böyük tərəfdarı, Ağanın da, bəyin də həmkarı. Oğrular, əyrilərlə də əlbir, Hacıdan cümləsi alır tədbir. Şəhrdən kəndə gəlsə bir hakim, Hacı Şə’ban qonaqlayar daim. Şöhrəti tutmuş idi hər yanı, Hər məhərrəm, orucluq ehsanı. Din idi, məzhəb idi alatı. Pul idi hacının xəyalatı. Bu qərar ilə daima kəndi, Tora salmışdı hacının fəndi. Söhbəti Məkkədən, Xorasandan, Rəhmdən, mərhəmətdən, imandan. Kərbaladan salan zaman söhbət, Gözünün yaşı eyləyir şiddət. Vuraraq Murtəza Əlidən dəm, Qolsuz Abbasa and içər hər dəm. Daima toplayanda dehqanı, Gətirir ortaya Xorasanı. İşçinin haqqını kəsən dəmdə, Dili daim Minada, Zəmzəmdə. Var idi onda cürbəcür hiylə, Pul yığardı bu dəstkah ilə. Söyləyər, — almaram pula tənzil, Bərəkət var, pulum daşır hər il. Bircə şahi riba yeyə hər kim, Özün eylər cəhənnəmə təslim. Allahın hökmü, əmri, qur’anı, Mən’ qılmış ribadan insanı. Bərəkət var halal alverdə, Eyb edən yox halala heç yerdə. Mənim hər bir işim ticarətdir, Belə kəsbin özü ibadətdir. Bilmərəm öz varımda bir nöqsan, Dönmədim allahın rizasından. 2 Kəndə başlanıb soyuq bir qış, Bahalıqdan çətinləşib hər iş. Xırda bitmiş bütün tədarüklər, Arpa, buğda, düyü bitib yeksər. Qar düşüb dağı-daşı bərkitmiş, Yox taxıl, təknədən çörək bitmiş. Dəridə yoxdu bir ovuc pendir, Neçə gündür ki, yanmamış təndir. Neçə gündür Əli kişi naxoş, Dava-dərman gərək, fəqət cib boş. Balalar ac, tapılmayır əppək, Neftsiz lampa, şorbasız çömlək. Şəhrdən yox gedən-gələn kəndə, Əli həsrət çəkirdi çay-qəndə. Xəstəyə çox yaman keçir dünya, Satmağa yox dəyərli bir əşya. Neçəsindən sual edib borc pul, Əlinin olmamış ricası qəbul. Qalmış idi yazıq Əli heyran, Dedilər un satır hacı Şə’ban. Xəstə bu sözdən oldu çox xoşhal, Hacı Şə’bana yetdi bu əhval. Dedi: — Mən nisyə mal satan deyiləm, Kənd məxluqun aldadan deyiləm, Un üçün olsa gər Əli möhtac, Qoymaram ol fəqiri hərgiz ac. Gəlib alsın, nə eybi, bir put un, İşləsin yaz olan kimi beş gün. Buna oldu Əli kişi məcbur, Yox idi bundan özgə bir məqdur. Un deyib sorsa rəncbər, dehqan, Deyir öz şərtini hacı Şə’ban. 3 Qış qurtarmış, çiçəklənir bağlar, Ərimiş qar, yaşıllanıb dağlar, Çıxarıb baş bənövşələr yerdən, Açılıb bağda nəstərənü süsən. Sular axdıqca otlanır torpaq, Ota çıxmış qoyun, quzu, oğlaq. Zəmilər işlənir, toxum səpilir, Qız, qadın əlləşib əkirlər xır. Çölə sürmüş öküzlərin dehqan, Çalışır xalq, şumlanır hər yan. İşləyir xalq, yox gəzən işsiz, Hacı Şə’ban işləmir yalnız. Qışda hər kəs alıbsa bir pud un, İşləyir qış çıxan zaman beş gün. Yatır amma Əli kişi xəstə, Yox görən, iş tökülmüş iş üstə. Çalışıb oğlu, arvadı ancaq, Əkmiş idi fəqət bir az torpaq. Hacı Şə’ban gəlib səhər daim, Ona bir beş gün işləmək lazım. Kəndxudanı hacı qılıb də’vət, Ona verdi bir az şəkər rüşvət, Dedi: — Bu halə bir əlac eylə, Bir manat gündə müzd alır fəhlə. Əli gər işləməsə düz beş gün, Verə səkkiz manatı namümkün. Kəndxuda hacıya qılıb hörmət, Dedi: — Yox işdə bir ağır zəhmət, Verməsə pul Əli kişi bişək, Döyərəm tanrı haqqı heyvantək. Kəndxudanın əlində bir şallaq, Əliyə bir neçə kərə çalçaq, Ağladı xəstə, eylədi fəryad, Dedi: — Rəhm et yoxumdur heç bir zad. İndi yox bir qəpik də pul məndə, Verərəm hər nə olsa xırmanda. Kəndxuda aldı xəstədən imza, Verə xırmanda altı put buğda. Hacıya bu xəbər yetən saət, Dedi: — Mollaya var yenə hacət, Oxusun siğə ta halal olsun, Mənə buğda xüsusi mal olsun. Çünki ömrümdə almadım tənzil, Etmədim bir haram mal təhsil. Çağırıb hazır etdilər molla, Oxudu siğə, bitdi hər sevda. 4 Onda ki, bağlayırdı baş buğda, Kəndə yağmadı heç yağış əsla. Qurudu buğda, arpalar yandı, Ot-ələf bitdi, xırlar odlandı. Sulu yerlərdə varsa hər bir zad, Onu qıldı çəyirtkələr bərbad. Qalmış idi Əli kişi heyran, Bu işə tapmayırdı bir dərman. Yox idi borca verməyə malı, Ac idi, pis keçirdi əhvalı. Bahalıq çulğamışdı hər yanı, Əzrailtək qırırdı dehqanı. Yoxdur əppəkdən orda bir asar, Buğdadan kənddə fəqət bir ad var. Hacı Şə’ban yenə açıb dükkan, Un satır xalqa tor qurur hər an. Tapmayır xalq başqa bir çarə, Pulu yox cibdə, qalmış avarə. Pulu da istəməz hacı amma: «Bircə put buğda, bir çərək barama». Yox çörək, çarəsiz qalıb rəncbər, Hacının şərtini qəbul eylər. Belə bir gündə kəndxuda, molla, Hacı Şə’banı qoymayır tənha. Yazır hər gündə molla «şərtnamə», Kəndxuda qaldırırdı həngamə. Əlini axtarır hacı Şə’ban, İstəyir höccət almağa ondan. Əlidən aldı höccət icbari, Elədi molla siğəsin cari. Elə ki, kəndə noyan gəldi, Yenə də qəmli bir zaman gəldi. 5 Barama az qalır ola hasil, Bir xəbər gəldi kəndə naqafil. Kəndxuda kəndə eyləmiş e’lan, Yığacaqdır qalıqları divan. İki gün keçdi, qəm tutub kəndi, Barama evləri möhürləndi. Əlinin oldu yığma hər malı, Ona bağlıydı cümlə amalı. O dəxi verkiyə gedib yeksər, Hacı Şə’ban salıb qiyamətlər. Barama hər putu igirmi manat, Əlidə yox fəqət bu pul, heyhat. Yenə də mollanı edib hazır, Etdi iclas kəndxuda, tacir. Dedilər: — Yox bu xalqda taqsır, Çün qəzadan gəlir bu cür təqdir. Bitmədi buğda, olmadı bostan, Baramanı dəxi alıb divan. Kəndlilər çıxdı cümlə var-yoxdan, Qalır ancaq ümidi pambıqdan. Əli və’d eylər altı pud pambıq, Hacı Şə’ban inanmayır artıq. Söyləyir: — Bağçanı girov qoysan, Bütün işlər sənə olar asan. Behi-şərt bir halal əmək bişək, Oxudaq siğə bir müsəlmantək. Altı put pambığı verərsən sən, Cıraram kağızı həmən gün mən. Yazılıb mülkə behi-şərtnamə, Molla qol çəkdi bu sərəncamə. 6 Hacı Şə’ban tutub böyük ambar, Toplayır orda hər nə pambıq var. Yox yığan ondan özgə bir misqal, Pambığı qışdan eyləmişdir mal. Hər kəsə bir put un verib əvvəl, Barama, pambığa açıb ənkəl. İnhisara alıb bütün kəndi, Xalqı lüt qoymağa tapıb fəndi. Baramanı yığıb tamamilə, Pambığa sazlamış dəxi hiylə. Kimdə ki, pambıq olmamış mümkün, Behi-şərtə çıxıb bağın, mülkün. Əlinin bağçasın şəriətlə, Hacı bəl’ eylədi çox himmətlə. Bu işə molla verdi bir fitva, Kəndxuda gəldi, bitdi hər dava. Bir put un verdi «mö’təbər» hacı, Qış günündə «doyurdu» möhtacı, Oldu bir bağça bircə put qara un, Kəndxuda, molla həm buna məmnun... Kənddə belə idi hər bir iş, Gəlməsin bir daha fəna keçmiş! Doqquz ay çəkdi rəncbər zəhmət, Hacı Şə’banlar eylədi rahət. * * * Toy gecəsində 1 Axşam saat onda lampalar yanır, Üfüqlər get-gedə qaranlıqlanır. Qayadan sürüsün ağnadır çoban, Qoyunlar, quzular mələr yanbayan. Əkindən qayıdıb gələn çütçülər, Atların kişnədər, öküzün sürər. Kəndin hər yanında insan qaynaşır, Ülkər axıb gedir, qayadan aşır, Bulud qara çarşab çəkir ulduza. Meşələr bənzəyir qəmgin bir qıza. Kəndlilər gedirlər istirahətə, Hər tərəf qərq olur bir sukunətə. Haq quşunun gəlir həzin nəğməsi, Eşidilir hərdən bayquşun səsi. O səslər qəmli bir dastan deyir, Bir kəndli qızının qəmin söyləyir. Ara sakitləşir, gəlmir səs-səmir, Ancaq çox uzaqdan bir işıq gəlir. 2 Saat on ikidə çəkilməz nəfəs, Lakin bir binadan ucalırdı səs. Qadınlar toplanıb oynayır, çalır, Qızı köçürməyə az zaman qalır. Qız-qadın bir-birə vermiş əllərin, Qızlar yallı gedir, utanır gəlin. Qarışıb bir-birə çalan-çağıran, Dəfini oynadan, sazını çalan. Oğlanlar oynayır, qızlar oturur, Qızlar oynayanda oğlan əl vurur. Heç kəs istəmirdi açılsın səhər, Oğlan-qız danışıb gözlərin süzər. Gəlinlər danışır, qızlar qısqanır, Tərlər damçılayır, yanaq islanır. Ancaq bir otağın hər yanında qəm, Hər bucağa baxsan görünür ələm. 3 Gəlin aparmağa gələn dəstələr, Qapıda yığışıb intizar çəkər. Qonum-qonşu tutub Tellinin yanın Biri ənnik sürtür, biri kirşanın, Birisi gəlinin bağlayır belin, Saçlarını hörür, darayır telin. Hər gələn qucaqlar, soruşar halın, Yaşmağın düzəldər, bağlayar şalın. Təsəlliler verər gəlinlər ona, Qızlar həsrət ilə baxar boyuna. Lakin ağlayırdı könülsüz gəlin, Gözünün üstündən qaldırmaz əlin. Nişanlanan gündən ərin istəməz, Ata qorxusundan «getmərəm» deməz. Fürsət tapan kimi qaçar eyvana, İntizar, intizar baxır ormana. Başın dolandırır solundan sağa, Sirrin aya söylər, dərdlərin dağa. Bir kəsi axtarır bəlkə də gözü, Ona aşkar idi hər gizlin sözü. Günün birisində komsomol Sona, Bir yardım və’dəsi vermişdi ona. Sonanın yanına göndərmiş adam, Xəbər gəlməmişdi dörd saat tamam. Hər zəif bir səsdən gözləyir nicat, Hər xırda qaraltı böyük bir həyat. 4 Saat biri çalır, xoruz banlayır, Ata yamanlayır, yengə danlayır. Xəbər verən yoxdur komsomol qızdan, Telli dışarıya qaçır durmadan. Ancaq az çəkmədən dəyişilmiş hal, Toy evində düşmüş böyük qalmaqal, Hər kəs bilmək istər gəlindən xəbər, Evi bucaq-bucaq gəzir yengələr. Atası qeyzindən tökür göz yaşın, Kürəkən əyləşib sındırır başın, Deyir: — Bərbad oldu arım-qeyrətim, Düşmənə qoşulub qaçdı övrətim. Kəbinli arvadı qaçıranlara, Gərək tutub vuram iki yüz yara. Qabaqca öldürəm gərək Tellini, Çünki bada vermiş məzhəbi, dini. Kürəkən silahlı axtarır qızı, Cəza vermək üçün həman arsızı. Dan yeri ağardı, açıldı səhər, Kürəkənə gəldi Tellidən xəbər. Ancaq kürəkəndə qalmamış qəzəb, Şübhəsiz var idi bunda bir səbəb. Arabir çoşaraq öz-özün döyür, Komsomol Sonanı xəlvətcə söyür. 5 Telli saat birdə çıxmış balkona, Qaçırmışdı onu komsomol Sona. Canavar əlindən qurtaran gəlin, Qəlbinə gətirmir şəriət, kəbin. Üstündə gördükcə gəlin zinəti, Toyu xatırlayıb edir nifrəti. Ənnikin təmizlər, kirşanın silər, Sün’i gözəlliyə nifrət bəsləyər. Silinir boyalar, yuyulur bəzək, Sadə bir gözəllik ay ziyası tək! Qızıl biləziklər, mina sırğalar, Biləkdən açılar, qulaqdan çıxar. Sürmədən təmizlər qara gözlərin, Əynindən çıxarar zərin-zivərin. Atar köhnəliyi üstündən tamam. Leninin yoluna eyləyər davam. Kənd qadınlarını qurtarmaq üçün, Telli sərf edərdi varlığın bütün. Verərək əl-ələ komsomol qızlar, Qadınlara azad bir dünya qurar. * * * Yurdsuz çocuq 1 Axşam qaranlığı, havalar soyuq, Uyumuş küçədə yurdsuz bir çocuq. Divarın dibində itkin yavrutək, Torpaq üstə düşmüş solğun bir çiçək. Üstün toz basmışdır qurumuş gülün, Qanadı sallanmış yazıq bülbülün. Qırılmış bir daşa söykəmiş başın, Ruzigardan torpaq basıb göz-qaşın. Əyilir, hər zaman sağ-sola dönər, Sudan çıxmış balıq yerdə çırpınar. Hava çiskinləşir, ruzigar əsir, Çocuğun üstündə bir cırıq həsir. Axıb getməkdədir insan selləri, Əsirdi payızın soyuq yelləri. Ayaqlar altında bir quş inləyir, Onun səsin ancaq torpaq dinləyir. Dağılıb gedərkən hər kəs bir yana, Çocuğa heç bir kəs etməz e’tina. Qalın əlbisəli çocuqlar tamam, Enişə, yoxuşa uçur izdiham. Analar yavrusun axtarıb durar, Pənbə flanellərlə baş-gözün sarar Yuxusun alanlar nahardan sonra, Ailəsin alıb qaçır bulvara. Çocuğa yanaşmaz bir nəfər insan, Yox qeydinə qalan, halın soruşan. 2 Çocuq tez-tez başın qaldırıb durar, Dilini çıxarıb dodağın sorar. O gözdən salınmış xəzan yarpağı, Yerləri qucaqlar, öpər torpağı. Əllərin qaldırıb silər gözlərin, Dinləyən ki, yoxdur həzin sözlərin. Gəzənlər çəkilir, küçə boşalır, Lampalar sönərək işıq azalır. Qapılar örtülür, gəlmir səs-səda, Bayırda yox kimsə ondan maəda. Uzaqdan qaravul sivistok çalır, Buludlar oynayır, yağış sallanır. Ulduzlar gizlənmiş, itmiş asiman, Hər yerdə baxırsan tutğun bir duman. Küçələr qaranlıq, görünməz işıq. Şiddətli qar-yağış yağır qarışıq. Damçılar düşdükcə köpük partlayır, Sular dalğalanır daşdan atlayır. Buludlar ağlayır, novdanlar axır, Hər daşın yanında bir şəlalə var. Səkilər islanır, sular yüksəlir, Divarın dibindən sel axıb gəlir. Çocuq islanırkən durur yuxudan, Anam harda deyib eyləyir fəğan. 3 Gündüz axşamacan gəzmiş hər yanı, Xəstələnmiş çocuq, incimiş canı. Divarın dibində getmiş yuxuya, Yurdsuz çocuq görür dadlı bir rö’ya. Ana qucağında bəslənən zaman, Atası can deyib səslənən zaman. Göründü gözünə evi-eşiyi, Yumşaq nənnisi, nazlı beşiyi, Başında laylalar çalır zümzümə, Gözü anasında ağzında məmə, Nəzərindən keçir çocuqluq çağı, Cənnətə bənzəyən ana qucağı. Gündüz axşamadək qoyulmaz yerə, Bacılar öpərək verər bir-birə. Bacı su qızdırar, ana çimdirər, Ata sevinərək paltarın verər. Biri gözün silər, canın qurular, Bacılar tələsib tellərin darar. Ata yerin açar, balınçın qoyar, Ana ağzın öpüb yorğanın salar. Bacı oyunçağın düzər yanına, Ata üzün sürtər gül yorğanına, Tük döşəklər üstdə dönər sağ-sola, Xəndələr içində uyuyar bala. Çocuq yetişərkən yeddi yaşına, Gözlənməz bir bəla gəlir başına. 4 Gecənin yarısı ağlar gələndə, Böyük bir həyəcan düşmüşdü kəndə. Göydən yağış kimi tökülür qurşun, Kəndi talayırdı bir ucdan qoşun. Alışıb yanırdı ot tayaları, Taxıl yığınları, odun ambarı. Talançı dəstələr evləri yardı, Bütün iş malların sürüb apardı. Arabalar dolur, atlar yüklənir, Kəndin hər yanından qışqırıq gəlir. Gənclər qırılır, qocalar ölür, Qız-gəlin dağılıb dərbədər olur. Dan yeri ağarıb sübh açılanda, İnsan xoflanırdı kəndə baxanda. Heyvan qismindən var beş-altı köpək, Sağ qalan varsa da tapmayır yemək. Qırılan qırılıb, sağ qalan qaçıb, Ağlar hər tərəfə atəşlər saçıb. Çocuğun yurdundan qalmamış əsər, Ailə qırılıb bitmiş sərbəsər. Dumanlar çəkilib bahar gələndə, Çocuqlar dağıldı kənddən kəndə. Vətəndaş hərbindən dərbədər düşən Divarlar dibində eyləmiş vətən. Sərvətin açdığı qanlı hərblər, Bir çox belələrin salmış dərbədər. * * * Vaiz və kəndli Gəlmişdi şəhərə kənddən bir nəfər, Dolaşıb hər yerə edirdi nəzər. Səhərdən dolaşıb axşama qədər, Gördü bir məsciddə molla və’z edər. Çıxarıb çarığın oturdu yerə, Qara gözlərini tikdi minbərə. Vaiz cəhənnəmdən söhbətlər edir, Əlin-qolun atıb başın tərpədir. Səsi kah alçalıb, kah yoğunlanır, Saqqalı tərpənir, döşü tullanır. Kəndli bu zamanda açdı başını, Ağladı, axıtdı gözdən yaşını. Vaiz bunu görcək düşdü heyrətə, Dedi: «Çox özünü salma zəhmətə. Mövizə vaxtında ağlamaq nədir? Mənim xəyalımca bu bir şübhədir. Görünür ki, məni salmısan ələ, Məscidə yalandan saldın vəlvələ». Kəndli söylədi ki, «Darılma mənə, Mən bunun səbəbin söyləyim sənə. Keçən ay başıma gəldi bir qəza, Ağlamaqdan başqa bilmədim dəva. Keçən ay eşşəyi ötürdüm çölə, Beş-on gün otlayıb bəlkə kökələ. Gecənin yarısı eşitdim bir səs, Səs gələn tərəfə qaçdım bir nəfəs, Gördüm bir-iki qurd eşşəyi sökür, Çəmdəyin dağıdıb, qarnını tökür. Heyvançığaz yatıb bulaşıb qana, Başını tullardı o yan, bu yana. Gözümün önündə ölüb verdi can, Ömrün sizə verdi o yazıq heyvan. Gümanım gəlirdi bircə ulağa, Oduna gedirdim onunla dağa. Əlimdən ulağı alandan qurdlar, Güzəran kəsilib, qalmışam naçar. Səsini eşitcək dərdlərim çoşdu, Zavallı ulağım yadıma düşdü. Ağlamağım fəqət bundan ötrüdür, Əfv edərsən, axund, dərdlərim budur.» * * * Molla və rəssam Bir nəfər molla, bir nəfər rəssam, Yol gedirdi vaqonda bir axşam. Mürgülər hey bütün müsafirlər, Yorulub bilməyir nə etsinlər. Usanıb bir-birilə söhbətdən, Təngə gəlmişdilər kəsalətdən. Molla aldı əlinə bir qur’an, Oxuyurdu vaqonda «Ərrəhman». Saldı rəssamı təngə ol halət, O da bir iş tapıb haman saət, Təklik etdi ona böyük tə’sir, Başladı çəkməyə o bir təsvir. Hər qələmdə baxardı mollaya, Düşdü bu işdə şübhə ortaya, Molla xişm ilə bükdü qur’anı Dedi rəssamə: — «Etmə nöqsanı, Deyiləm razı, çəkmə təsvirim, Sənə asanmıdır bu təhqirim? Şəkil çəkmək haramdır əlbət, Dinimizdə bu bir yaman sən’ət. Çəksə hər kimsə bir nəfər insan, Ona məcburdur ki, versin can. Heç zaman olmaram buna məmnun, Şəklimi çəksin hər yetən məl’un». Molla saldı vaqonda vurhavur, Səsə toplandı cümlə konduktor. Molla eylərdi daima şəkva: «Mən özüm bir nəfər fəqir molla, And ola qoltuğumda qur’ana, Gedirəm mən özüm Xorasana. Mənə zülm etdi bu haramzada, Tökəcək abırımı bu dünyada, Şəklimi görsə gər müsəlmanlar, Mənə nifrətlər eyləyər izhar. Dinimə rəxinə vursa bu zalim, Şübhəsiz ki, zəbun olur halım.» Ağladı molla eylədi fəryad, Dedi: — «Yox kimsə eyləsin imdad?» Oldular cümlə xalq narahət, Səsinə toplanıb haman saət. Molla öz dərdini eylədi ə’lan, Qalxdı rəssamə qarşı bir üsyan. Zor edib ondan aldılar şəkli, Ortaya çıxdı mətləbin əsli. Zahirə çıxdı onda hər bir iş, Gördülər bir uzunqulaq çəkmiş. * * * Mollanın yuxusu Gecə yatmışdı bir nəfər molla, Yuxuda gördü bir qısa rö’ya: Gördü minbərdə əyləşib şeytan, Səlavat ilə xətm edir qur’an, Söyləyir xalqa dinü millətdən, Söhbət eylər sözündə cənnətdən. Desə şeytan nə növ’ü bir bid’ət, Səlavat ilə qarşılar millət, Molla görcək bu halı minbərdə, Durdu şeytan ilə bərabərdə. Qəzəbi gəldi cuşə mollanın, Saqqalından yapışdı şeytanın. Aşağı çəkdi saldı minbərdən, Tüpürürdü vücuduna hərdən. Saqqalından tutub deyir daim: «Dəhri viranə qoydun, ey zalım! Olmaseydın cahanda ey bədfal, Oğru olmazdı bir nəfər baqqal. Aldadırsan cahanı, məl’unsan, Fitnədən durduğunca məmnunsan. Bəsləyirdim sənə böyük nifrət, Əlimə indi düşdü bir fürsət. Saqqalın qoymaram çıxa əldən, Daha qurtarmasan bu ənkəldən!» Döydü şeytanı molla heyvantək, Saqqalın tüklərin yolub tək-tək. Bir daha çəkdi burnuna pərgar, Diksinib oldu xabidən bidar. Gördü öz saqqalın tutub möhkəm, Öz gözü başına çəkir hərdəm. Etdi beş-altı dəf’ə istiğfar, Bu sözü daim eyləyir təkrar: Gələ lə’nət həmişə şeytanə, Yuxuda bənd olur müsəlmanə. * * * Şəriət adamları 1 Bir nəfər qolçomaq, vuran, dağıdan, Özü heybətli, vəhşi bir insan, Toyda, ehsanda, hər ziyafətdə, O idi daima sədarətdə. Pilovun yağlısın, ətin tikəsin, Yeməsəydi söyərdi ev yiyəsin. Olmasa işdə məsləhət ondan, Ona filhal atardı bir böhtan. Hər tərəfdə olursa bir sirqət, Verilirdi ona böyük qismət. Bazar əhli əlində titrərdi, Hər dükandan o bir şey istərdi. Ətini müftə göndərər qəssab, Gətirər süd inəkçilər qab-qab, Pulsuz islah olur bütün hacət, Gecə-gündüz davam edir qarət. Qoçu dəhşətli, vəhşi halında, Var idi ailə xəyalında. Varlı bir qız arardı evlənsin, Özünü daim eyləsin tə’min. 2 Bir nəfər köhnə müftəxorlardan, Şəhərdə varlı, mö’təbər ə’yan. Neçə il əvvəl ölmüşdü arvadı, Var idi təkcə bir qız övladı. Qızını evdə saxlayar daim, Ona çünki bir iş görən lazım. Elə ki, müftəxor ölüb getdi, Qızına hər nə var tərk etdi, Hacının qüslü bitməmiş hala, Elçilər saldı bir böyük dava. Hacılar cümlə növhəxanlıqda, Məşədilərsə canfəşanlıqda. Ortalıqdan cənazə qalxanda, Lotular ağlayırdı hər yanda. Oldu axırda qolçomaq qalib, Həm qız, həm vara oldu o sahib. Qoçu evləndi, güldü amalı, Daha da yaxşılaşdı əhvalı. 3 Qoçu axır dəyişdi əhvalın, Evlənəntək uzatdı saqqalın. Varlanıb çünki yetdi mətlubə Məkkəyə getdi eylədi tövbə. Yeri məsciddə, həm itaətdə, Gecə-gündüz bütün ibadətdə. Hacının doğmamışdı arvadı, Yox idi evdə bircə övladı. Ərlə arvad edərdilər söhbət, Qalacaq bəs kimə bu var-dövlət? Nə qədər eylədik dava-dərman, Verdik allah yolunda yüz ehsan, Seyidə nəzr verdik olmadı. Yenə övladımız doğulmadı. Bunda bir gizli məsləhət vardır, Şübhəsiz bunda bir cəhət vardır. Bir uşaq həsrətindədir çoxlar, Uşağından bezən də ancaq var. Yoxsulun yox evində bir zadı, Doğar ildə bir oğlan arvadı. Hamısı qılçası açıq, üryan, Heyrət eylər baxan kimi insan. Süfrəni görcəyin düşər dava, Ac uşaqlar salarla vaveyla. Başlayırlar qapış-qapış cümlə, Süfrəyə başlanır böyük həmlə. Tikə üstündə başlanır tufan, Ata ilə ana baxır heyran. Nə deyək, hansı sözləri danışaq? Evi bərbad, doğmadın bir uşaq! 4 Az zaman keçdi bu hekayətdən, Hacı bir gün soruşdu övrətdən: Nəyə lazım bu ev, bu var-dövlət? Gətirib burda saxla bir külfət. Axtarıb tap kasıb, cavan bir qız, Yaşadınsa daha yetər yalqız. Qalma yalqız, gətir birin naçar, Yaxşıdır evdə olsa xidmətkar. Bir fəqirin qızın gətir barı, Qazı bir siğə eyləsin cari, Köhnədən-möhnədən verək geysin, Süfrədən artığın qalarsa yesin. Xoşuna gəlməsə çıxart evdən, Nəçiyəm mən, evə xanım sənsən. Hacı min hiylə qıldı, aldatdı, Xanıma min cürə yalan satdı. 5 Yeni ölmüşdü bir nəfər bağban, Kimsəsiz bircə qız qalıb ondan. Adı Nərgiz, həyalı, ismətli, İşdə bir qəhrəmantək himmətli. Atasından sora çıxıb bağdan, Evi yox, qalmış idi sərgərdan. Hacı bu haləti eşitmişdi, Nərgizə ondan elçi getmişdi. Hər işi sazlamışdı şeyx ilə, Qıza etmişdilər böyük hiylə. Şeyx edərkən qıza nəsihətlər, Dedi: – «Tapdım sənə nəcib bir ər. Nə olar evlidir, var arvadı, Olmamış bir nəfər də övladı. Bir cavan qızsan olsa övladın, Hacı evdən qovar öz arvadın. Sənə allah verər neçə övlad, Onlar ilə müdam olarsan şad. Döşəmiş hacı ayrı bir dam-daş, Sənə xidmət edər neçə qaravaş. Hacı öldükdə cümlə var-dövlət, Olacaq şübhəsiz sənə qismət. Şad yaşarsan nə qədər ömrün var, Sağ-solunda beş-altı xidmətkar». Şeyxdən sonra həzrəti qazı, Çağırıb Nərgizi edib razı, Oxunub siğə, məsələ bitdi, Şeyx pulun aldı, qız gəlin getdi. Hacının mətbəxində zillətlə, Nərgiz ömr eyləyir əziyyətlə. İşi paltar yumaq, odun qırmaq, Ev süpürməklə, qab yığışdırmaq. Yazıq arvad dayanmadan çalışar, Əyni görməzdi bir təzə paltar. Xanımı versə bir cırıq köynək, Onu da tullayardı düşməntək. «Götür al! Get! Ədəbsiz, anlaqsız, Özü bağban qızı, bir əxlaqsız. Sən də arvad deyirsən öz-özünə? Güzgüdə bax o qaşına, gözünə. Gül sənin başına, utanmırsan, Varlı evdə həyatı qanmırsan! Yoxsa ağlın çaşıb, olursan şad, Bəs deyirsən hacı alıb arvad? Hacı kimdir, mənimdi var-dövlət. Qaravaşsan, evimdə qıl xidmət! Deyirəm bu sözü sənə bir yol, Kəbinin on manatdır, al rədd ol! Sənə artıqdı verdiyim köynək, Saxlaram mətbəximdə, minnət çək! Sənə kim izn verdi, heyvan qız, Hacı ilə oturmağa yalqız? Mənə görsənmə qarnı burnunda, Atana od vuram gərək onda! Sən nəsən, ya ki, doğduğun övlad? Qaravaştək otur, yazıq arvad!» 6 On bir ay keçmiş idi bu haldan, Doğmuş idi zavallı bir oğlan. Onu Nərgiz sevərdi, istərdi, Qara mətbəxdə daim işlərdi. Eyləməzdi qüsur xidmətdə, Dözdü bir il dəxi əziyyətdə. Elə ki, çatdı bir yaşa oğlan Nərgizə evdə etdilər e’lan: Boşamışdır səni hacı artıq, Uşağı kəs süddən, evdən çıx! Qaldı bu hiylələrdən heyrətdə, Evi tərk eylədi o saətdə. 7 Yadına düşdü köhnə söhbətlər, Şeyx əmi etdiyi nəsihətlər. Gəldi şeyxin hüzuruna nalan, Ağlayıb gözlərindən tökdü o qan. Şeyxi haldan çıxardı ol halət, Çeşməyin aldı taxdı ol saət, Baxdı görsün nədir dərin fəryad, Gəncdirmi bu ağlayan arvad? Gördü bir gəncdir, fəqət qəmgin, Zülmlər, hiylələr pozub rəngin. Bir çiçəkdir, fəqət əzilmişdir, İşləməkdən bu hala gəlmişdir. Şeyxdə zahir oldu bir həyəcan, Daima göz bəbəkləri lərzan. Ona baxdıqca titrəyirdi əli, Sürünürdü dizin-dizin irəli, Saqqalın daima tumarlardı, Gözü eynək dalında parlardı. Yanaşıb söylədi: – «Nə istərsən? Nəçisən, mətləbin nədir, kimsən? Səni bu hala kim qoyub, söylə! Əyləş, öz halını bəyan eylə! Yaxın ol, dinləyim kəlamını mən, Bir səvabdır, yaxında əyləşsən. Qorxur isən əgər cəhənnəmdən, Yaxına gəl, utanma çox məndən. Üləmanın hüzuru cənnətdir, Nəfəsim mö’minə şərafətdir. Nəfəsim dəysə hər kəsin canına, Axirətdə gələrmi od yanına? Məni sən başqası hesab etmə, Üzünü aç, yetər, hicab etmə! Üləma qismi xalqa məhrəmdir, Bu ki, gizlin deyil, müsəlləmdir?» Dayadı axırı burun-buruna, Diriyib gözlərin baxırdı ona. Çəkərək Nərgiz ahı ah üstə, Başını çəkdi ondan ahəstə. Dedi: – «Mən ən fəqir bir qız idim, Atam ölmüş idi, yap-yalqız idim, Məni bir xain almaq istərdi, Çaşdırıb dama salmaq istərdi. İmtina eylədim bu də’vətdən, Qorxar idim mən əhli-sərvətdən. Varlı bildim tayım deyildi mənim, İstəməzdim olam ona təslim. Yoxsul hər qədr olsa ismətli, Başa verməz onunla sərvətli. Mən bilirdim onun kimi hacı, Saxlamaz mən fəqiri-möhtacı. Varlını çox gözəl tanırdım mən, Ona və’zinlə yardım etdin sən. İndi ol mə’vizən nədir qandım, Təvsiyənlə satıldım, aldandım. İki il hərgiz olmadım rahət, Qadın oldum ona yarım saət. Mənə və’d eylədin geniş dünya, Mənə ol və’zilər birər rö’ya. Mənə lazım deyildi ol sərvət, Orda qoydum fəqət böyük dövlət. O mənim bir yaşında övladım, Gözümün nuru, tifli-növzadım. Xoş keçərdi onunla əyyamım, Onsuz ah ilə gündüzüm-şamım, Dedilər, – get, sənin deyil övlad, Biz böyük, sən dilənçi bir arvad!» 8 Şeyx qızdı bu sadə söhbətdən, Yenə söz başladı şəriətdən. Buyurub bu hədisi peyğəmbər: «Naqisül əql olurlar övrətlər». Kişilərdir qadınlara hakim, Onu sevməzsə boşlayar daim. Bu hüququ ona verib qur’an, Kişinin çünki malıdır nisvan. Bir kərə çıxmış olsan əmrindən, Ona artıq qadın deyilsən sən. Ona borcun fəqət itaətdir, Ərə baş əyməyin ibadətdir. Səndən olmazsa hər ərin razı, Eyləməz çarə dərdinə qazı. Arvada ər ikinci xaliqdir, Bu şəriətlə də mütabiqdir. Allahın hökmünü eşit əvvəl, Çünki o hər bir hökmdən əfzəl! Sonra dinlə ərin sərəncamın, Budu çünki əsası islamın. Ərsiz heç söz demə, yemə, içmə. Aqil ol, öz hüdudunu keçmə! Verməsə ixtiyar ər naçar, Əyninə geymə bir təzə paltar. Hər nə söylərsə can deyib sözə bax, Onsuz heç səmtə çıxma, ol dustaq! Hacı səndən şikayət eylərdi, O sənə min qüsur söylərdi. Söyləyirdi o bir böyük tənbəl, Törədib ailəmdə bir əngəl. Arvadımla işi döyüşməkdir, Peşəsi hər söz üstə küsməkdir. Tərbiyə görməmiş bir insandır, Adı arvad, özü bir heyvandır. İndi sən söylə, azmı nöqsanın? Burda borcu nədir müsəlmanın? Görməyib evdə iş üzə durdun, Şər’i peyğəmbərə təpik vurdun. Ağlama, tövbə eylə bu dəmdə, Yanacaqsan yəqin cəhənnəmdə. Tövbə eylə yanımda bu saət, Heyfdir odlana bu cür qamət. Özünə çarə qıl, cavan qızsan, Səni əfv eyləmək deyil asan! Hacıda yoxdu zərrəcə təqsir, Onu rəftarın eyləmiş təhqir. Boşamış, onda bir qüsur yoxdur, Kəbinin on manat, bu da çoxdur. Yox cavabın, al, həqqi-zəhmətdir, Kəbin onsuz da bizdə icrətdir. Bizə qur’an qoyub gözəl qanun, Belə qanuna sən də ol məmnun. O gedib evlənər bir arvada, Sən də tək qalmazsan bu dünyada. Sənə hər bir qədəmdə ər mümkün, Tapılar hacı kimi yüz mö’mün. Neçə ay bizdə gəl elə məskən, Eyləyək səbr, ta çıxa «iddə»n. İkimiz onda eylərik söhbət, Görək allah nə eyləyər qismət. 9 Anladı Nərgiz ol sərəncamı, Hiddətindən qızardı əndamı. Qabarıb tükləri həyasından, Dedi: – «Sus, dinmə, binəya insan! Ola nifrət sənin şəriətinə, Tüf sənin elminə, təriqətinə! Etmisən dini əldə bir alət, Aldadırsan avamı hər saət, İşiniz daima qız aldatmaq, Pul alıb hacıya qadın satmaq. Olmusan varlılarla həm əfkar, Elə məl’unsan hər işin murdar. Sənə nisvan inanmasın bir də, İç üzün çıxdı, yırtılıb pərdə. Məni rəhm etmədən sən aldatdın, İrzimi on manat pula satdın. Buna yol verdi hansı bir məslək? Qadını bircə mal hesab etmək? Ararım indi ayrı bir dünya, Köhnə dünya vərəmli bir xülya!» 10 Bayıra çıxdı Nərgiz hiddətlə, Ağlayırdı, coşurdu heyrətlə. Düşünüb bilməyirdi bir çarə, Küçələrdə gəzirdi avarə. Neçə il keçdi bu hekayətdən, Qalmadı iz keçən hökumətdən. Molla, bəy, xan zamanı devrildi, Fəhlələr hökmranlığı gəldi. Nərgiz onda gəzərdi tək-tənha, Ona görsəndi bir səfalı bina. Ora baxdıqca parlayır amal, Görünür orda şən bir istiqbal. Ora baxdıqca hiss olur azad, Orada qəlblər olur çox şad. Burdadır rəhbərin böyük şəkli, İliçin hər şüarı istəkli. Göstərir bir işıq cahan qadına, Şərqin örtükdə qalmış arvadına. Baxdı Nərgiz, ümidi yüksəldi, Sadə bir qız ona tərəf gəldi Dedi: «Harda olursa bir məzlum, Bura eylər şikayətin mə’lum. Burada iş görən qadınlardır, Qız-qadından müdirələr vardır. Bura də’vət olar bütün ərlər, Qadının burda haqqın istərlər.» Nərgizin cilvələndi rüxsarı, Girərək etdi göz yaşın cari. Dedi öz qəmli dastanından, Nəql qıldı keçən zamanından. Nə ki, var dinlənildi şəkvası, Yerinə gəldi hər təmənnası. Hacıda qalmadı daha dövlət, Nərgizinsə günü keçir xoşbaxt. Mehriban oğlu öz kənarında, Ev-eşik cümlə ixtiyarında. * * * Tamahkar doktor Doktora gəldi bir nəfər xəstə, Dərdlərin söyləyirdi ahəstə. Doktor o xəstəni soyundurdu, Barmağilə beş-on kərə vurdu, Nəfəsin aldırıb qulaq asdı, Qarnına əllərilə bir basdı, Truba qoydu dinlədi bol-bol, Dilinə, ağzına baxıb dörd yol, Dərdləri durdu saymağa doktor, Dedi ki: səndə xəstəlik çoxdur. Böyrəkin bir qədər tapıb illət, Korbağırsaq sənə verir zəhmət. Ciyərində ləkə böyüklənmiş, Ürəyin də vurur, fənadır iş. Azalır get-gedə sənin qanın, Ağrıyır çox yatanda hər yanın. Şor yeyəndə ətəş olur zahir, Darılırsan su olmasa hazır. Əsəbiləşmisən həqiqətdə, Bu da bir inqilab sihhətdə. İtirib həzm qüvvəsin mə’dən, Əriyirsən, dalı gedirsən sən. Soyuğa səndə qalmamış taqət, İsti də verməyir sənə rahət. Çox yeyəndə ağırlaşır halın, Binəvasan, zəbundur iqbalın. Daima rahət olmaq istərsən, Görürəm səndə yüz cür illət mən. Qoyma artsın naxoşluq, huşyar ol! Yeməyində çox ehtiyatkar ol! Nahara müxtəsərcə qıl bozbaş, Mümkün olsa bir az da kotlet, aş. Bunlar olmazsa bir toyuq qaynat, Suyuna az düyü ya noxud at, Duzu çox olmasın, zərərdir bu, İkicə istəkan qoyarsan su. Bu, nahar etməyə kifayətdir, Xəstənin borcu bir qənaətdir. Səhərə mümkün olsa hazırla, Bir böyük istəkan şirin kakava, İlıq elə neçə yumurtanı, Gətirər qüvvətə bu insanı. Axşama bir cavan cücə aldır, Doğrayıb evdə şorbaya saldır. Süt aşından çəkinmə, al qab-qab, Sə’y elə ta bədəndə olsun tab». Buna xəstə baxırdı diqqətlə, Doktoru dinləyirdi heyrətlə. Dedi: «Bu saydığın mərəzlərdən, O xörəklər ki, burda saydın sən, Hamısı burda çıxdı yadımdan. Xəstəyəm bu deyil mənə nöqsan, Xəstəlikdən heç hafizəm yoxdur. Onları bir kağıza yaz, doktor!» Buna doktor dəxi qılıb iqrar, Dedi: «Bu xəstəlik dünəndən var. Qüvvəyi-hafizən olub bərhəm, Təcrübə eylədim dünən mən həm. Bilmədim, bir manat verib getdin, Ya unutdun və ya ki, səhv etdin». Xəstə bir ah çəkdi ahəstə, Dedi: «Əlbət ki, xəstəyəm, xəstə, Məni əfv et yoxumdu çoxlu param, Eybi yox, baxmasan ölüb bataram». Baxdı doktor bu hala pür heyran, Dedi: yox sihhətində bir nöqsan, Xəstəlikdən özündə yox asar, Kəlmə artıq, çox iltimasım var!» * * * Kəndə traktor gəlir I Kənd boşalıb, kimsə yox, Kəndli buraxıb işi. Bir təpənin üstünə Toplanır arvad-kişi. Cütçü işə çıxmamış, Qoşmamışdır öküzün. Naxırçı da, çölçü də, Yollara tikmiş gözün. Atlar işə çıxmamış, Qoşulmamış araba, Hər bucaqda görərsən, Şanayla dırmıq, yaba. Dalğasız dəniz kimi, Gəlinlərin nehrəsi. Qarılar da evdə yox, Fırlanmayır cəhrəsi. Hər kəsi gördüm, dedim, «Noldu? Nədir? Söylə bir!» Səslədi ki: «Durma, gəl, Kəndə traktor gəlir!» Hər kəsdən qabaq gedir, Komsomollar dəstəsi, Pionerlər lap qabaq, Gəlir baraban səsi. Dağ-təpənin üstünə, Çökub oturmuş hamı. Hər kəsi görsən deyir: «Bu gün yoxsul bayramı». II Çömbək vurub əyləşib, Hər qayada bir gəlin. Cümlə uzatmış yola, Qarı, qoca əllərin. Hamı birdən göstərir, Budur, gəldi traktor. Biri söylər: «Keç dala», Biri deyər: «Kənar dur». O biri söylər: «Bunu, Göndəriblər kolxoza, Zəhmətsiz, əziyyətsiz, Əkəcək pambıq, qoza. Yerin bağrın yaracaq, Baxmayır quru, keşə, Bu elə bir şeydi ki, Gülür kavahın, xışa. Cavanlar söylədi ki: «Bu hər bir şeydən ucuz, Traktor görən işi, Görə bilməz min öküz. Baxın görər bir nə iş, Kollektiv təsərrüfat! İndi maşın durubdur, Burda nə öküz, nə at? İndi nə öküz, nə at, Hakim deyil torpağa, Traktorlar lazımdır. Yeni məhsul almağa.» Qocalardan bə’zisi, Barmaqları dişində, Deyirdi: «Yox şübhəmiz, Bolşevikin işində. Hər biri bir cin kimi, Hər biri şeytan təkin, İndi də istər əkə Atsız, öküzsüz əkin.» Molla dedi: «Az qalıb, İmamın zühuruna, Xərdəcəldür, xərdəcəl, Yaxşı baxın bir ona» Hər yetən bir söz deyir, Orda bütün qalmağal, Şənlik edən, oynayan, Tar, balaban, çal-ha-hal! III Arxada durmuşdular, Bir neçə də qolçomaq, Bığlarını çeynəyir, Bomboz olub qaş-qabaq. Kəblə Cəfər daima, Oynadır ağzın-gözün, Bilmiş idi çünki o, Məs’ələnin iç üzün. Bir neçə gün çox fəna Hiss edir idi özün. Çəkdi plan qazmağa, Rişəsini kolxozun. Kəblə Cəfər sazlanıb, Evdə tutur tə’ziyə, Üç gecədir şeyx gəlib Orda deyir mə’vizə. Mə’vizədə söyləyir: «Adətin hər kəs poza, Öz işini boşlayıb, Daxil ola kolxoza Bu işi icad edən, Sahibi iman deyil. Nüftəsi napakdır Əsil müsəlman deyil! Qoyma əlindən yerə, Hər nə qoyubsa atan. Boşla traktor sözün, Varsa əgər xış, kotan. İrs qoyub bizlərə Bunları əcdadımız, Köhnə də olsa yenə Var bizim hər zadımız. İndi deyirlər gərək, Torpaq ola müştərək, Bolşevik istər qura Hər işə bir cür kələk. Öldürələr bizləri, Ortaq olub əkmərik. Yoxsa deyərlər sabah, Hər zadın olsun şərik. Burda mabada çaşıb, Kimsə yolun azdıra, Səhv edərək kolxoza, Əvvəl adın yazdıra. Qoymayın etsin əsər, Kənddə o şeytan işi. Tək başına torpaq ək, Mal mala qatmaz kişi. Düşmə yaxın bir kərə Öylə traktorlara, Sındıralar çarxların, Bir gecə allah-vara. Kolxoz əkən buğdadan, Düşsə bura bircə dən, Olmayacaq, şübhəsiz, Cənnətə burdan gedən.» IV Kəblə Cəfər bir gecə, Saldı ələ fürsəti. Çaldı traktordakı Hissələri xəlvəti. Bir çuvala doldurub, Qoydu onu ambara. Söylədi: «Qurdum kələk, Muzdura, kolxozlara». Bir neçə gündən sora, Kəndə yayıldı səda. Girməyəcək kolxoza, Fəqirlərdən maəda. Və’də verib onlara, Pul-kredit şirkəti. Bu işə Köybirliyi, Vermiş əhəmiyyəti. Başlayacaqdır işə, Təzə traktor yarın. Başlayacaq kolxozun, Sürməkə torpaqların. Xalq yığılmış yenə, Qarşılasın bu işi. Fikri traktordadır, Müntəzir arvad-kişi. Bayram edir, şadlanır, Firqəçi, həm bitərəf. Dalda durubdur fəqət, Bir neçə də bişərəf. Kəblə Cəfər ortada, Yan-yörəsi qolçomaq, Bir-birinə söyləyir: «Səbr elə, övzaə bax!» Nitq bitib, qurtarıb, Qalmamış artıq bir iş, İndi traktor gərək, Tərpənib etsin yarış. Usta minib üstünə, Baxdı ki, bu elə bil, Kəndə şəhərdən gələn Təzə traktor deyil. Düşdü, baxıb söylədi: «Makınalar işləmir, Kimsə çıxarmış bunun Hissələrin birbəbir». V Kəblə Cəfər qolçomaq, Kənd içinə saldı car. Yaydı traktor sözün, Qoymadı dükkan-bazar. «Bolşevikin bir görün, Başladığı işlərin. Yox işinin axırı, Bu odu keçmişlərin. Hər sözü bir cür kələk, Hər işi bir cür yalan. Kəndə nə lazım düşüb, Söylə, traktor-filan? Göz boyamaz, şübhəsiz, Bir kişi bunlar kimi. Qoymur ola rəncbəri, Öz evinin sahibi. Var öküzün, get yer ək, Yoxsa gedib muzdur ol! Bu iki şeydən savay, Qalmadı bir ayrı yol. Molla deyirdi özüm, Eyləmişəm bəd dua. «Yatdı traktorları, Mö’cüzü gördünmü ya? Allah özü qoymadı, Kəndə girə bid’əti. Nazil edib bir mələk, Etdi xarab xəlvəti. Allaha tə’sir edib, Eylədiyim mə’vizə. Ərşdən enmiş mələk, Yardıma gəlmiş bizə. Vermədi yol xaliqim, Fitnəyə, şeytanlığa. Qoymadı dəysin zərər, Köhnə müsəlmanlığa. Xalqı yığıb məscidə Məsələni qandırın, Bir neçə ehsan verin, Bir neçə şam yandırın! İndiyətək olmamış, Belə böyük mö’cüzə. Yoxsa traktor böyük, Ənkəl olardı bizə». VI Kəndi qaranlıq basıb, Axşam olub, gün batıb, Çınqırını yox çəkən, Səs kəsilib, el yatıb. Pəncərələr bağlanıb, Söndürülüb lampalar. Parlamaz ulduz, nə də, Ay yerə nurun salar. Qarşıda hər bir söyüd, Bir qara heykəl kimi, Yolda duran hər qaya, Bir əzəmət sahibi. Yox hərəkətdən əsər, Bir yuxudur kainat. Bir gecədir, hər tərəf, Uyquya dalmış həyat. Quş dəxi atmaz qanat, Öz yuvasından çölə, Qurbağalar da susub, Daşmı atılmış gölə? Ancaq hürür bir köpək, Səsi düşür dağlara. Bəndi qırıb az qalır, Atsın özün talvara. Hiss eləyirmi köpək, Burda bir insan məgər? Talvarın altındadır, İşçi qız, muzdur Səfər. İşçi qıza dərdlərin, Nəql eləyirkən Səfər, Söylədi: «Bu arzumuz, Tutmadı baş, müxtəsər. Mən hələ ki, muzduram, Sən də ki, qulluqçu qız, Harda həyat eylərik, Evlənə bilsək də biz? İndi də quşlar kimi Yox yatacaq bir yerim, Söylə nəyim var mənim, Harda sənə yer verim? Kəblə Cəfər — qolçomaq, Rəhmi yox, insafı yox. Bir gecə də olsa biz, Yatmamışıq qarnı tox. Elə düşündüm ki, mən, Kəndə traktor gələr, Mən girərəm kolxoza, İşləyərəm bir təhər. Allam, aparram səni, Burda əsir olmarıq. Pul yığaram, axırı, Bir koma hazırlarıq. Mən düşünürdüm bu gün, Arzuma olmuş əməl, Tez işi pozdu fəqət, Bircə nəfər düşmən əl. Çaldı traktordakı, Bə’zi mühüm şeyləri, Mən özümü bilmirəm, Bir necə gündən bəri. Dinmədi sakit durub, Fikrə gedib Gülçahan. Sonra gülüb söylədi: «Qəm yemə, səbr et. Dayan! Gördüm odunluqda mən, Dün gecə bir çox dəmir. Durma gedək indicə, Onlara bax birbəbir. Kim biləcək, al götür, Hansı gərəksə sizə. Kəblə Cəfər bilsə də, Söz deyə bilməz bizə». VII Yatmış ikən xalq hələ, Durdu yerindən Səfər. Səslədi muzdurları, Topladı beş-on nəfər. Gəldilər ispalkomu Evdən oyandırdılar. Məsələni söyləyib, Hər işi qandırdılar. Kəblə Cəfər — qolçomaq, Yatmış ikən bixəbər, Aldı odun ambarın, Ortaya muzdur Səfər. Kəblə Cəfər diksinib Qalxdı yerindən səsə, Qoymadılar salmağa, Üstünə bir əlbəsə. Çaldığı alətləri, Arxasına çatdılar, Həbs edib ispalkomun, Təyləsinə qatdılar. Düşdü traktor işə, Tutmadı baş mö’cüzə. Qolçomağın gəlmədi, Yardımına mö’vizə. Yardım üçün gəlmədi, Bir daha göydən mələk, Məhv edilir qolçomaq, Zəhmət olur müştərək. Dağlara əks eyləyir, İndi traktor səsi. Atdı div addımları Sosializm ölkəsi. * * * == Hekayələr == 600 ayı balası Nikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi. Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır». Dəftərxana müdiri bu kağızı tələsik gətirib verir maliyyə müdirinə. Maliyyə müdiri çox təəccüb edir ki, əcəba bu ayı balaları nədən ötrüdür? Axırda iş ora yetişir ki, maliyyə müdiri böyük bir daklad yazıb haman kağız ilə bərabər maarif nazirinin hüzuruna gedir. Doğrudan da maarif naziri bu məsələdən artıq heyrətlənir. Çoxu da bundan heyrətlənir ki, bu qədər ayı balasını haradan tapıblar? Ona görə də maarif naziri kağızı qoyur cibinə, maliyyə müdirini yola salır. Həmin günün axşamı maarif naziri Dövləti Şuranın iclasına gedir. Gündəlik məsələlərdən sonra nazir qoynundan kağızı çıxarıb nazirlərə göstərir. Hamı təəccüblənir. Bir çoxları deyir ki, Gəncə quberniyası çox da ayı olan yer deyildir. Doğrudur, meşəlik çoxdur, amma yenə də 600 ayı balasını bir yerə yığmaq mümkün deyildir. Bir çoxları deyir ki, əlbəttə olmaz, amma saxlayıb balalatmaq mümkündür. Amma bə’ziləri də buna e’tiraz edib deyir ki, ayı balası nəyə lazım olan şeydir ki, onu daha da balalatsınlar? Nazirlərdən ticarət və nafiyə naziri deyir ki, onları yunlarından ötrü böyüdürlər. Yunlarından da şal toxuyurlar, yorğan-döşəyə işlədirlər. Bə’ziləri deyir ki, onları iş heyvanı yerinə çalışdırırlar. Amma maarif naziri deyir: onları məhz ondan ötrü saxlayırlar ki, məktəblərdə heyvanat dərsləri keçdikləri vaxt mütəəllimlərə göstərsinlər. Əlbəttə, nazirin sözünün üstünə söz ola bilməzdi. Çünki keçən vaxtlarda kimnaziyalarda elmi-heyvanata böyük diqqət verilərdi. Fəqət bunu da deməlidir ki, ayı balalarının haradan alınması üçün mübahisə kəsilməmişdi. Ona görə də Gəncə kimnaziyası müdirinə telegram vurub, ayı balalarının haradan alınması üçün mə’lumat istənilmişdi. Kimnaziya müdiri maarif nazirinin telegrafını alan kimi bütün müəllimləri toplayıb iclas edir. Çox da qorxuya düşürlər ki, bu telegrafı nədən ötrü vurublar və bunlar ayı balalarının haradan alınmasını nə üçün soruşurlar? İclas belə qərara gəlir ki, ayı balalarının alınan yerini telegram ilə bildirsin və ayı balası satan Kəblə Hüseynəlidən də aldığı pula qəbz alıb Peterburqa göndərsinlər. Elə də etdilər. Çünki onlar bilirdilər ki, çar hökumətinin qulluqçuları israf olmağa-zada yol verən adamlar deyillər. Ona görə də Peterburqa Maarif nəzarətinə bu məzmunda bir telegram çəkirlər: Peterburq Maarif nəzarəti Ayı balaları Cəbirdə Kəblə Hüseynəli Həzrətqulu oğlundan alınmışdır. Pul qəbzi poçta ilə göndərilir. Gəncə qəza kimnaziyası müdiri Maarif nəzarəti telegramı alan kimi çox təəccüb edir. Bir nəfər adamın 600 ayı balası satmağı təəccüblü işdir. Maarif nəzarəti bir necə gündən sonra daha da heyrətə düşür. Çünki Kəblə Hüseynəlidən alınan qəbz də gəlib çıxmışdı. Qəbzdə yazılmışdı ki, «Mən, Kəblə Hüseynəli Kəblə Həzrətqulu oğlu 600 ayı balasını Gəncə kimnaziyasına satıb, birisi bir abbasıdan pulunu aldım». Maarif naziri birinci dəfə idi ki, ayı balasının birisini bir abbasıya eşidirdi. Ona görə də ikinci dəfə yazıb Gəncə kimnaziyası müdirindən soruşdu ki, hərkah lazım olsa Gəncədə nə qədər ayı balası almaq mümkündür? Bir necə gündən sonra kimnaziya müdirinin müfəssəl bir məktubunu aldı. Müdir yazırdı ki, «Cənab nazir, bu günlərdə payız yağışları başlanmışdır. Ona görə də ayı balası hazırlamaq işləri dayandırılmışdır. Hərkah çox lazım isə yenə də tək-tək adamlardan 20—30 minə qədər ayı balası toplamaq mümkündür. Əmriniz olursa biz burada hazır edərik. Amma xırda-xırda almaq əlverişli deyildir, çünki bir adama zakaz versək ayı balalarının hamısı bir ölçüdə, bir boyda və bir ağırlıqda olar. Ancaq xırda-xırda alanda ayı balaları bir boyda olmayacaqdır». Maarif naziri məktubu böyük daklad ilə bərabər Dövləti Şuraya göndərib Gəncədəki ayı balası istehsalını nəzərdən keçirmək üçün göndəriləcək elmi heyʼətin məsarifinə 20 min manat buraxılmasını təklif edir. Maarif nazirinin layihəsi Dövləti Şurada muzakirə olunduqdan sonra elmi heyʼətin məsarifinə 150 min manat para buraxılır. Baharın əvvəlinci ayları idi. Gəncə kimnaziyasının müdiri Maarif nazirliyindən aşağıdakı məzmunda bir telegram almışdı: «Cənab müdir, Gəncədə ayı balası istehsalını müayinə etmək üçün göndərilən elmi heyʼət martın 22-də Peterburqdan hərəkət elədi. Onlardan ötrü mənzil hazır edəsəniz. Onların elmi tətəbbuatda bulunmalarına yardım göstəriniz. Hər çins ayı balasının nəzərdən keçrilməsi üçün elmi heyʼətə nə lazım olursa muzajigə edilməsin. Maarif nəzarəti dəftərxanası.» Mart ayının 27-də axşam saat 8-də Bakıdan Gəncəyə sərnişin qatarı gələcək idi. Elmi heyʼət də həmin qatarda gələcəyini telegraf ilə bildirmişdi. Kimnaziya müdiri rəsmi paltarlarını geyib sinif müəllimləri ilə bərabər, hətta türkcə elmi-ilahi dərsi deyən ayrım mollası da vağzalda intizar çəkirdi. Bütün müəllimlər dəxi cərgə ilə durub, elmi heyʼəti gözləyirdi. Qatar stasyona yetişdi. Kimnaziya müdiri elmi heyʼəti qəbul etdi. Elmi heyʼət altı nəfərdən ibarət idi. Elmi heyʼət üzvlərinin hamısı ayı balalarını görməyə maraqlanırdı. Hətta mənzilə düşəndən sonra da müdirə deyirdilər ki, ayı balalarını nə vaxt görmək olacaqdır? Müdir isə deyirdi ki, hərkah vağzaldan şəhərə gələndə Cəbir tərəflərini mülahizə buyursa idiniz yollarda 20 minlər ilə ayı balası görər idiniz. Sabah səhər açılan kimi elmi heyʼət üzvləri yuyunub çay içəndən sonra ayı balalarını görməyə maraqlanırdılar. Müdirdən soruşurdular: ayı balaları olan yerlər çox uzaq deyil ki? Müdir onlara deyirdi ki, yox yaxındadır. İstəsəniz bir çox yerlərə də gedib ayı balalarını nəzərdən keçirə bilərik. Odur ki, üzvlər hazırlanırdı. Bir neçəsi də ayı balalarının cinsini öyrənmək üçün özü ilə bərabər elmi-heyvanat kitabçalarını gətirmişdi. Bə’zisi də ayı balalarının ağzını və damağını müayinə etmək üçün çamadanında alətlər götürmüşdü. Bunlar əllərinə heyvanların dişi batmamaq üçün qalın əlçəklər taxdılar. Müxtəsər, hazırlıq bitdikdən sonra kimnaziya müdiri qabaqda, dalısınca elmi heyʼət üzvləri, onların dalınca sinif müəllimləri üst mərtəbədən həyətə düşüb aşağı tərəfə gedirdilər. Müdir xırdaca odun anbarının yanında durub barmağı ilə anbarı göstərib elmi heyʼətə dedi: – Buyurun, ayı balaları burdadır. Yarısı məsrəf olubdur, yarısı qalıb. Elmi heyʼət üzvləri bir-birinə baxıb təəccübləndi. Onların fikrincə 300 ayı balasını bir balaca odun anbarında yerləşdirmək, doğrudan da, allahın dilsiz-ağızsız heyvanlarına böyük zülm hesab olunurdu. Elmi heyʼət üzvləri müdirdən xahiş etdilər ki, əvvəlcə özü içəri girsin, çünki onlar girməyə qorxurdular. Odur ki, müdir qapını açıb içəri girdi, dalınca da elmi heyʼət üzvləri daxil oldu, amma heç bir şey görmədi. Ancaq anbarın bir bucağında 300-ə qədər çiy kərpic var idi. Elmi heyʼət üzvləri müdirdən soruşdular: – Bəs hanı ayı balaları? Müdir kərpicləri göstərib dedi ki, budur, bəs bu ayı balaları deyil, nədir? Elmi heyʼət üzvləri təəccüblə bir-birinin üzünə baxıb başlarını buladılar. Sonra müdirə dedilər ki, axır bu çiy kərpicə siz nə üçün ayı balası adı qoyursunuz? Müdir gülümsünüb dedi ki, burada heç təəccüb etməyiniz, çünki Qafqazda hər şəhərin bir dili vardır. Kim bilir, bəlkə bunun başqa şəhərdə başqa adı vardır. * * * Qırx dənə baqqal Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu. Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi. Deməli, naçalnikə işi düşənlər qabaqca dilmancı razı edərdi, sonra naçalnikə verilmiş rüşvəğin bir hissəsi də yenə dilmanca yetişərdi. Amma bu da deyilməlidir ki, hər bir adam da dilmanc ola bilməzdi. Dilmanc olan adam gərək məmləkətdə yaşayan adamların halını, güzəranını da biləydi, tainki, damara baxıb qan aleydı. Fəqət bu cürləri çox nüdrətən düşürdü. Dilmanc məmləkətdəki bütün qulluqçuların vəzifəsini ifa etməli idi. Baqqalların tərazilərinin çirkinə baxıb bəratul-qol yazmaq, hamamlara girib su hovuzlarına baş çəkmək, çörəkçilərin xəmir təknəsinə baxmaq, gecələr öz vaxtından artıq açıq olan meyxana və çayçı dükanlarına girmək, qumarxana və tiryəkxanalara getmək, gizlin fahişəxanalara soxulmaq, qəssabların kəsdiyi ətin erkək-dişiliyinə baxmaq kimi işlər hamısı dilmancın vəzifəsi idi. Və bu saydığımız yerlərdən toplanan mədaxildən naçalnikə ancaq tula payı çatardı, çox hissəsi isə, təbii, dilmancın cibinə girərdi. İndi görürsünüz ki, bu qədər ağır vəzifənin öhdəsindən də bir çox dilmanclar gələ bilməzdi. Amma, yadıma gəlir ki... Naxçıvan uyezdni-naçalniki Zenčenko haradansa özü üçün bir belə dilmanc tapmışdı. Keçən gündür, deyəsən bu dilmancın da adı Hüseyn ağa idi. Savadı da allah verkisi kimi zad idi. Demək şəhər ibtidai məktəbinin iki sinfindən imtahansız qurtarmışdı. Buna baxmayaraq rus dilini çox yaxşı danışırdı. Heç yadımdan çıxmaz. 11-ci ildə payız vaxtı əlimdə çanaq, baqqal Tarıverdinin bazar hamamı ağzındakı dükanından qatıq almağa getmişdim. Tarıverdi qatığı çəkmişdi, elə mən pulu verməyə çıxarırdım, bir də gördüm ki; dilmanc Hüseyn ağa əlində qamçı, qabağında otuz doqquz nəfər baqqal yetişdi. Yetişən kimi hayqırdı: – Adə, Tarıverdi, düş qabağıma gedək naçalnikin evinə! Yazıq Tarıverdi bunu eşidəndə dizləri titrədi, rəngi qaçdı, qorxa-qorxa dedi: – Mirzə, başına dönüm, de görüm axır, mənim axır təqsirim nədir, mən ağaya nə ədəbsizlik eləmişəm? Hüseyn ağa acıqlı: – Mən heç zad bilmirəm, ancaq naçalnik məndən tələsik bir saata kimi qırx baqqal istəyibdir. Yazıq Tarıverdi bu sözü eşidən kimi dükanını bağlayıb açarını verdi mənə, dedi: – Ay əzizim, məni halal elə, pis-yaxşı çörək yemişik, can sənin can mənim oğlum Əbişin əmanəti. Ondan mütəvəccəh ol. Yazıq uşaq gözünü açıb özünü atasız görəcəkdir. Əzizim, əlbəttə, mənim Sarvanlardakı ev hissəmi satıb qızım Dilaranı da köçürərsən. Səndən xahiş edirəm məni rəhmətlik atamın ruhunun yanında xəcalət qoyma, əlbəttə, evdən bir qədər paltar-palazdan satıb onun sümüklərini ağa qulluğuna göndərərsən. Hərkah, ayıb olmasın, bizim ev adamı Kəblə Nəsirin qızı istərsə məni iki il gözləsin, hərkah iki ilə kimi məndən bir xəbər çıxmasa, səni vəkil edirəm ki, allahın əmri və peyğəmbərin şəriəti ilə onu boşayasan. Yazıqdır, daha iki ildən artıq məndən ötrü göz dustağı qalmasın. Mənim heç kəsə borcum yoxdur. Şeyxin yanında öz ölülüyüm üçün yüz manat pul əmanət qoymuşam. Şeyxə salam yetirib deyərsən ki, həmin pula mənim üçün oruc, namaz alsın. Tarıverdi mənimlə halallaşıb yola düşdü. Qırx nəfər baqqal Hüseyn ağanın qaradavoylarının qabağında naçalnikin evinə doğru yollandılar... Tamam şəhər bir-birinə dəymişdi. Doğrudan da bükülməmiş bir iş idi. Naxçıvan kimi şəhərdə qırx nəfər baqqalı birdən yığıb naçalnikin evinə doldurmaq o vaxt böyük hadisə idi. Xalq tökülmüşdü bunların dalınca. Hərə bir söz deyirdi. Birisi deyirdi ki, bunların hamısı qəlp pul xərcləyiblər. Bə’ziləri deyirdi ki, guya bunlar qubernatora yazıb ki, naçalnik İrandan kandrabanda və qaçaq mal gətirənlərlə əlbirdir. Bə’ziləri deyirdi ki, Naxçıvanlı pambıq taciri bunları şeytanlayıbdır. Bir çoxları da deyirdi ki, bu baqqalların hamısı gecələr yığılıb qumar oynayırlar. Amma çox adam da deyirdi ki, bunların peşələri oğurluq mal alıb-satmaq imiş, hətta saldatlardan da hökumətin malın alıb-satırmışlar. Bə’zi adamlar da pıç-pıç danışıb deyirdi ki, ay axmaq oğlanları, sizə kim deyirdi ki, dilmanc keçəndə ayağına durmayasınız, sizə kim deyirdi ki, bayramda düyü, yumurta, yağ, quzu göndərməyəsiniz?! Amma bununla bərabər heç kəs bilmirdi ki, bu baqqalları hara aparırlar. Doğrusu mənim Tarıverdiyə çox yazığım gəlirdi. Ona görə də ondan ayrılmayıb qıraq ilə gedirdim. Yazıq baqqallar dilmanca yalvarırdılar. Hətta bə’ziləri başını dilmancın qulağına tərəf uzadıb yavaşdan bir söz deyirdi. Dilmanc da onların cavabında bə’zi sözlər deyirdi. Yaxşı qulaq verib gördüm deyir: – Haramzadə oğlanları, sizə kim deyir ki, İran bileti alıb quru yoldan Xorasana gedəsiniz? Siz elə bilirsiniz ki, hökumət yatıbdır? Bütün haramzada və nəməkbəharamsınız! Sizə kim deyir kilsənin zənginə güləsiniz? Peşəniz naçalnikin itinə gülməkdir. Mən bilirəm, gözünüzün içinə kimi haramzadasınız! Keçən həftə şeyx minbərdə imperatorun özünə, arvadına, qızlarına, oğluna dua edəndə bir nəfər də baqqal amin deməyibdir. Xain köpək uşağı! Hələ biz bir-bir bilirik ki, kimin uşağı fəs qoyur və kimin evində osmanlı padşahının şəkli vardır. Sizə kim deyirdi İrana yazıb İran rəiyyəti olmaq istəyəsiniz? Bu sözləri eşidəndə baqqalların gözlərindən yaş tökülüb, qılçaları titrəyirdi. Mən baqqallarla bərabər daxil oldum naçalnikin həyətinə. Gördüm ki, içəridə bir qiyamət vardır. Bir tərəfdə rus aşpazı ruslara, o biri tərəfdə müsəlman aşpazı molla qonaqlardan ötrü xörək bişirirdi. Naçalnikin həyəti qulluqçular ilə dolu idi. Bunların çoxu naçalnikin qonaqlığı üçün yaxın kəndlərdən toyuq-cücə, yağ, yumurta, quzu, qatıq, qaymaq, meyvə, qovun, qarpız gətirən kəndlilər idi. Baqqallar da daxil olub həyətin bir bucağında durmuşdu. Bu vaxt gördüm ki, naçalnik balkona çıxdı. Dilmanc Hüseyn ağa bunu görən kimi əlində qamçı irəli gedib ərz elədi: – Cənab naçalnik, əmrinizi yerinə yetirmişəm. Naçalnik səsləndi ki: – Tez ol, ver mətbəxə yuyub təmizləsinlər! O saatda qaradovoylar baqqalları mətbəxə tərəf qoyun sürüsü kimi sürdülər. Hüseyn ağa aşpazları çağırıb dedi ki, naçalnik ağanın əmrinə görə gərək bu saatda bunlar çimdirilsin. Baqqallar bu sözü eşidəndə lap məəttəl qalmışdılar. Bilmirdilər nə etsinlər. Onları niyə çimdirirlər? Amma bu işdən çoxları şəkkə düşmüşdü. Deyirdilər ki, naçalnik şeyxi də bura çağırıbdır. Baqqalları da çimdirib qüsl etdirdikdən sonra qur’ana and içdirəcəkdir. Yenə də bilən yox idi. Müxtəsər, baqqalları bir-bir soyundurub içəri saldılar. Naçalnik ara-bir çıxıb deyirdi: – Tez olun! Kəblə Qulu baqqalı soyunduranda deyirdi: – Getdiyim Kərbəla haqqı əlim ölüyə sürtüşmüşdü, iki saat bundan qabaq qüsl eləmişəm. Həsənəli deyirdi: – Həzrət Abbas haqqı bir saat yoxdur ki, dəstəmaz almışam. Əlibala deyirdi: – And olsun allaha ki, bir həftə olmaz ki, mən cümə qüslü etməmiş olmayım. Amma bu göftkularla bərabər baqqallardan iyirmiyə qədər çimdirmişlərdi. Bir də naçalnik balkona çıxıb dedi: – Çto za bezobrazie! Gosti ustali ojidat, davayte syuda! Hüseyn ağa irəli gedib dedi: – Ağa, iyirmisi hazırdır. Naçalnik dedi ki, daha artıq təmizləmək lazım deyildir, tez verin gəlsin. Naçalnik bu sözü deyib içəri girdi. Hüseyn ağa qabağda, starşi qaradovoylar dalca baqqalları əyinlərində tuman-köynək pilləkənlərdən çıxarıb qonaqlıq salonuna doldurdular. Bir də gördüm ki, əvvəlcə bir gülüşmə qalxdı, sonra naçalnikin səsi ucaldı. Yaxşı qulaq asdım, gördüm deyir: – Osyol, bolvan! Mən sənə bokal (qədəh) demişəm, sən gedib baqqalları yığıb gətirmisən. Bir az keçmədi, bir də gördüm ki, Hüseyn ağa əlində zənbil qapıdan çıxıb bazara doğru qaçır. Baqqalları da qaradovoylar qamçı ilə döyüb bayıra çıxarırlar. * * * Ramazan I Ramazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə. Hər nə isə, keçmişdə Ramazan ayı müsəlmanlar arasında çox müqəddəs sayılırdı. Bunun üçün də ramazan ayına bir ay qalmış hər kəs öz tədarükünü görürdü. Hətta bizim qonşumuz Hüseyn kişi bir kasıb bağban olduğu halda orucluq tədarükünü hamıdan əvvəl görürdü. Amma bir il Hüseyn kişi ramazan ayı üçün hazırladığı şeyləri yeyə bilmədi. Ramazan ayına bir ay qalmış Hüseyn kişi əlində olan paralarını götürüb şey almaq üçün bazara getdi. Yağından yağ, düyüsündən düyü, qənd, çay, lampa yağı, kömür alıb evə gətirdi. Hüseyn kişi arvadına tapşırdı ki, hərkah uşaqlar və özün acından ölsən də bu şeylərə əl vurmayasan, çünki bu şeyləri ramazan üçün əmanət saxlamalıdır. II Hüseyn kişinin qonşuluğundakı Nüyədi kəndində Ağalar adlı bir kişi var idi. Adına «oğru Ağalar» deyərdilər. Bir gün Ağalar evdə oturmuşdu. Arvadı ona çox dərd edib yoxsulluqlarından şikayət edərək deyirdi: – Budur, ramazan ayı yaxınlaşdı. Evdə heç bir tədarük yoxdur. Ağalar arvada təsəlli verib deyirdi ki: – Arvad, heç qüssə eləmə, bu ay xeyir və bərəkət ayıdır. Bu ayın ruzusunu allah bir ay əvvəl yetirər. Mənim buna e’tiqadım vardır. Bu işi neçə dəfə təcrübədən çıxarmışam. Heç fikir etməyə gəlməz. Bu ay allah-təalanın ayıdır, borcudur ki, ruzusunu da yetirsin. Hava qaranlıqlaşmağa başladı. Ağalar yavaşca dolaqlarını, çarıqlarını hazırlayıb, xəncərini çuxasının altına bağlayıb qonşu kəndə üz çevirdi. Qəzadan yolu Hüseyn kişinin qapısından düşdü. Oğru Ağalar Hüseyn kişinin hazırlıqlı və tədarüklü adam olduğunu bilirdi. Ona görə də pəncərənin dalısında durub Hüseyn kişinin yatmağını gözləməyə başladı. Hüseyn kişi isə çörək yeyə-yeyə yenə arvadına tapşırırdı ki, məbada o gətirdiyim şeylərə əl vurasan, çünki ramazanın əmanətidir. Oğru Ağalar məsələni çox gözəl anlamışdı. O əvvəlcə şeyləri oğurlamaq fikrinə düşmüşdüsə də sonra bu fikrindən daşınaraq hiylə yolu aradı. Onun üçün də gündüz Hüseyn kişi evdə olmadığı vaxt onun arvadı Küləndamdan haman Hüseyn kişi bazardan alıb gətirdiyi şeyləri Ağalar alıb getmişdi. Əlbəttə, burada Hüseyn kişinin arvadı müqəssir deyildi. Çünki oğru Ağalar gəlib demişdi ki, mən Ramazan kişiyəm. Ərin məndən ötrü əmanət qoyduğu şeyləri verməlisən. Hərçənd Hüseyn kişi arvadını döydü və acıqlandı, amma burada təqsir arvadda deyil idi. Bu işlər bütün allahın işidir, çünki o borclu olubdur ki, Ağalar kişinin orucluq ruzusunu bir ay əvvəl yetirsin. * * * Boşboğazlar məhkəməsi Nəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü. Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi. Mirzə Niyaz Nəsibəyə dörd ay bundan əvvəl yazdığı məktubunu belə başlamışdı: «Gözəl Nəsibə! Məni sizə bağlayan mühüm amillərin birisi də elmi işçi olduğumdur. Buna görədir ki, mən sizi başqa kişilərdən daha tez mə’na edir və qiymətləndirə bilərəm. Mən sizin tanış olduğunuz və sizin ailə təşkil etmək istədiyiniz simalar haqqında heç bir söz deməyəcəyəm. Amerikalı mister Dirambayının dediyinə görə «təhrifə uğramamaq üçün hər kəsi öz əməlindən oxumalıdır». Mən ancaq bunu demək istəyirəm ki, mə’nalarla dolu olan qadın kəlməsini layiqincə mə’na etmək və onu təhrif etməmək üçün elmin bütün sahələrində gəzən elmi bir işçi lazımdır ki, bu da sizin və bütün Turan dünyasının tanımağa başladığı Mirzə Niyazdan ibarətdir. Nəsibə, Siz onu bilirsiniz ki, mənim idrak və hissim və dünyaya baxışım, adi insanlarda təsadüf ediləcək şeylərdən deyildir. Nəsibə, Sizin baxışlarınızda duran mə’nalı sükutun nə dediyini anlamaq üçün dünya kütubxanalarından xəbərdar olan bir şəxsiyyət lazımdır. Məşhur Hindistan alimlərindən Mirabun deyir ki, qadınları danışıqlarından deyil, sakin baxışlarından oxumalıdır. Bu doğru bir cümlədir. Fəqət bunu bacarmaq lazımdır. Buna görədir ki, qadına yaşamaq səlahiyyətini qazandırmaq və onu xoşbəxt yaşatmaq üçün özümdən də səlahiyyətli bir sima hesab etmirəm. Bütün bunları nəzərə alaraq sizin kimi gözəl bir qızı xoşbəxt etmək barəsindəki fikrimi cəsarətlə söyləyirəm. Zənimcə Sizin elmi bir işçi ilə tanışlığınız elminizin, biliyinizin sahəsini də genişləndirər və Sizi az zamanda elmi bir işçi kimi Azəri xalqına təqdim eylər. Nəsibə, Siz onu da nəzərdən qaçırmamalısınız ki, mən hazırda cahanşümul bir şəxsiyyət kimi tanınmağa çalışır və buna hazırlaşıram. Az müddətdən sonra yalnız siz və sizin kiçik vətəniniz olan Azərbaycan deyil, firqəmizin qurmağa çalışdığı böyük Turanın hər tərəfində məni oxuyub və əsərlərimi əldən ələ gəzdirəcəklər. Son zamanlarda mən Marks və Enkels əsərlərinin üzərində çalışıram. Siz bilirsiniz ki, bolşevizm və sosializm fikrinin batil bir fikir olduğunu göstərmək üçün firqəmiz mənə böyük bir vəzifə tapşırmışdır. Buna görə də dükandakı boş vaxtlarımın hamısını Marks və Enkels əsərlərinin tədqiqilə keçirməkdəyəm. Hazırda Marksdan sonra, Enkelsin Marks əsərlərini tamamlaması barəsində mühüm bir əsər yazmaqdayam. Dünən gecə firqənin qapalı iclasında oxunan bu əsərlər, doğrudan da mənə elmi bir işçi adlanmaq şərəfini qazandırdı. Nəsibə,– əlbəttə ki, Siz elmi bir işçinin yoldaşlığını qəbul etmiş olursanız darülfünunlarda keçilməyən elmləri keçəcək, əski və yeni alimlərin dilindən eşidə bilməyəcəyinizi eşidəcəksiniz. Siz bu yoldaşlıq nəticəsində olaraq adi bir müəllimə deyil, elmi bir işçi kimi meydana çıxacaqsınız. Mən çox arzu edərdim ki, Kopenhaken alimlərindən Lankenin əsərlərinə yazdığım tənqidi sizinlə bərabər oxuyaydım. Bu günlərdə həmin tənqidi Almaniyada Drezden professorlarından Fridrix Vermidsanın əsərlərinə dair göstərişlərlə bərabər London elmi akademiyasına göndərəcəyəm. Bu barədəki müvəffəqiyyətlərimlə də sizi təbrik edə bilərəm. Yaponiya alimlərindən professor İtama yazır ki, insanlar yaşla deyil, əsərlərilə böyük hesab edilirlər. Nəsibə, mən də bu kimi şəxsiyyətlərdənəm. Sizin mənimlə olan yoldaşlığınız sizin gənc həyatınızı işıqlandıracaqdır. Fransalı müsyö Julver yazır ki, bahar günəşi yarpaqsız ağaclara nə qədər mənfəət verirsə, ziyalı adamların müsahibəti də insana o qədər mənfəət vermiş olur. Mənim sizinlə qurmaq istədiyim ailə məsələsini tez bitirməyə çalışdığım Leydində açılacaq dünya elmi konqresinə çağırıldığımdır. Orada professor Holverdanın əsərləri haqqında tədqiqi mə’ruzəm qoyulmuşdur. Bundan da əlavə professor Qustmanın son iki əsərinə aid yazdığım əlavələri orada dünya alimlərinə oxuyacağam. Hələ mümkün olursa hazırda əlimdə yazdığım doktor Eduard Lemananın əsərlərinə həsr etdiyim tənqidi qeydlərimi də dünya elmi konqresinə aparıb onun dinlərin doğuluşuna aid yürütdüyü fikirləri rədd edəcəyəm. Nəsibə, mən bu konqres vasitəsilə bütün dünyaya tanındığım zaman siz də məşhur bir alim, hətta bacarıqlı bir firqə rəhbərinin yoldaşı olmaq münasibətilə bütün dünyada tanınmış olacaqsınız. Bütün bunları nəzərə alaraq məktubuma tez cavab verməyinizi rica edərdim. Bakı, 28 yanvar 1919. Mirzə Niyaz.» Nəsibə Mirzə Niyazın birinci məktubunu xatırladığdan sonra, onun masa üzərinə buraxdığı son məktubu açıb oxumağa başladı: «Əzizim Nəsibə! Məşhur professorlardan T. Axelisa özünün, «İzdivacın mədəni tarixi haqqındakı» əsərini oxuyarkən mən belə bir qənaət hasil etdim ki, bizim izdivacımızın tarixi hələlik mədəni şəkilə girməmişdir. Professor F. Tsan dəxi öz əsərində Axelisanın yuxarıda göstərdiyi fikri təsdiq etdi. Mən, bizim izdivacımızın hüquqi əsasını nəzərdə tutaraq professor Koleranın «İzdivacın hüquqi əsası» adlı əsərini bir daha nəzərdən keçirərək bizim izdivacımızın hüquqi əsaslar cəhətincə doğru qurulmadığını gördüm. Hələ dosent Yu.Veyssnin «Xəstəlik və izdivac» sərlövhəli əsərini oxuyarkən insan izdivacın mənfi tərəflərini görmüş olur. Əlbəttə, mən bunları sənə yazmaqda özümü professor R. Kossmanın «İzdivac xaricində əlaqə» sərlövhəli əsərinə tərəfdar göstərmək istəmirəm. Lakin bunu da bilməlisiniz ki, mən özümü professor Kossmana tərəfdar göstərmədikdə bunu mənim fahişəlik əsərini yazan professor Yanavskiyə tərəfdar olduğum kimi mə’na etməməlidir. Bütün bunları nəzərə alaraq biz ailə münasibatını arqadaşlıq münasibatına döndərmək və onu yaxın bir tanışlıq əlaqəsi sayəsində olaraq davam etdirməyə çalışmalıyız. Əzizim Nəsibə! Sən bilirsən ki, mən aramızdakı elmi səviyyəsizliyi ləğv etmək üçün əlimdən gələn qədər çalışdım, çox əsərlər oxudumsa da müvəffəqiyyət əldə edə bilmədim. Nəhayət, məşhur alimlərdən professor Qrosseranın «İnsan bədənin quruluşu» adlı mühüm bir əsərini oxuyarkən belə bir qənaətə gəldim ki, kişilərlə qadınlar arasındakı elmi səviyyəsizliyin başlıca səbəblərindən biri də onların organizm cəhətcə fərqli olmasıdır. Fürsət olursa mən sənə professor Şteynberqin «Kişinin ruhu və həyatı» adlı əsərini göndərəcəyəm, sən onu oxuduqda Şərq kişilərinin ruh və zevqini oxşaya biləcək, onun ruhuna girərək, onun üçün mə’nəvi həyat düzəldən bir qadın olmadığını, özün də təsdiq eyləyəcəksən. Haman əsərdə, qadınla kişi arasında elmi səviyyəsizliyin ləğv ediləcək bir şey olmadığına ayid bir çox qeydlərə təsadüf eyləyəcəksən. Əlbəttə, mən bu barədə özümü də tənqid edirəm. Mən son zamanlar professor Lullerin «Kişi, ər olmaq həyatında»kı əsərini oxuyarkən görürəm ki, doğrudan da mən ərlik həyatını tamamilə yanlış bir əsas üzərində qurmaq istəyirmişəm. Haman professorun «Kişi atalıq rolunda»kı əsəri məni daha da təşvişə saldı. Çünkü mən özümdə professorun tə’limatı üzrə davam etdirlə biləcək atalıq vəzifəsi üçün yararlıq görmürəm. Buna görə də sən Nəsibə əmr-vaqe qarşısında qalmamaq üçün hələ dünyaya gəlməmiş övladımızın dayandırılması, daha açığı dünyaya gətirilməməsi barəsində düşünməlisən. Mən iki gündən bəridir ki, dul qadın və dul kişilərin həyatı ilə maraqlanıram. Bu barədə gözəl bir əsər də tapmışam ki, o da professor Veyss-nin «Kişi dulluq vəziyyətdə» sərlövhəli əsəridir. Nəsibə, sən hərgah bu əsəri oxumuş olursan heç şübhə yoxdur ki, dulluq həyatı ilə məndən daha artıq maraqlanmış olacaqsan. Əlbəttə, bu əsəri oxuyasan. Sənə məsləhət görürəm. Nə sən, nə də mən evlənməmişdən qabaq «əsəbilik» devrinin mə’nəvi ləzzətlərini anlaya bilməmiş və haman qiymətli günlərdən istifadə edə bilməmişik. Mən indi professor O. Şraderanın «İnsan əsəbilikdə» sərlövhəli əsərini oxuyub özümüzün keçmiş günlərimizə təəssüf edirəm. Doğrudan da bu kimi əsəri məndən daha əvvəl oxumuş olsaydın, həmin bu məktubun eynini sən mənə göndərəcəkdin. Hər halda mən bu barədə qabağa düşdüm və dulluq həyatımın ləzzətli yollarını sənə göstərmiş oldum. Hər halda mən səviyyəsizlik üzərində apardığımız mübarizələrin hədər və yersiz olduğunu indi-indi hiss edirəm. Bu barədə sənə əziyyət verdiyim, hətta səni tə’qib etdiyimdən utanıram. Hazırda qarşımda mühüm bir əsər durur. Əsər professor Tsiker Kadlyahın «Qadın bədəninin quruluşunun kişi bədəni quruluşu ilə müqayisəsi» adlı mühüm bir əsərdir. Bu əsər göstərir ki, hər fikri hər baş çəkə bilməz, hər toxum, hər torpaqda göyərməz. Qadın quruluşu, kişinin quruluşu çəkən siqləti çəkə bilməz. Hələ qadının ruhani və mə’nəvi yaşayışlarındakı xüsusiyyətləri götürmüş və onları məşhur Qərb alimlərindən Lili Braunun dediyi kimi tədqiq etmiş olursaq, görə bilərik ki, qadının zövq və iste’dadı elmi sahələrdən çox uzaqda gəzir. Mən özümü sənə hiss etdirmək üçün zamanlarca çalışdım. Nəhayət acizlədim, həftələrlə bu barədə düşündüm, kitabları aradım, qənaətverici bir cavab tapa bilmədim. Professor Yu. Veyssanın «Qadın hissləri dünyası» nam əsəri bu barədə mənə bə’zi qeydlər verdisə də, yenə də qənaət hasil eləmədim. Nəsibə, qəlbin sınmasın, sən qadın olmadın və kişinin ruh və zevqini oxşamağı bacarmadın. Mən sənə Maria Ştrittanın «Qadın bir arvad kimi» əsərini oxumağı tövsiyə etdimsə də sözümə baxmadın. Məncə bu kimi əsərlər bizim hazırda qırılmaqda olan ailə həyatımızın az müddət də olsa davam eyləməsinə yardım verəcəkdi. Bunların hamısı keçibdir, biz elmi əsaslarla evlənmədiksə də elmi əsaslar üzərində ayrılırıq, çünki elmi səviyyə olmadan ailə həyatını davam etdirmək qabil deyildir. Sən də savadsız deyilsən, insan həyat məktəbinin hər sinfini, hər dərəcəsini keçməlidir. Nə eybi vardır, bir az da həyatın bu sahəsini yenidən tədqiq edərik. Buna görə də sən bu məktubu alan dəqiqədən özünü azad hesab etməlisən. 28 mart 1919-cu il. Mirzə Niyaz». Uşaq doğulduqdan bir neçə ay sonra, Nəsibə Mirzə Niyazdan şikayət ərizəsi yazıb onun məktubu ilə bərabər məhkəməyə göndərmişdi və ərizəsində yaşaya bilmədiyini göstərərək uşaq üçün məsarif tələb eləmişdi. Bu gün Mirzə Niyazın işinə baxılırdı. Məhkəmə salonu ziyalılar və bazar əsnafı ilə dolu idi. Hətta Mirzə Niyazın dükan qonşuları da dükanını bağlayıb Mirzə Niyazın elmi çıxışlarını eşitmək üçün məhkəmə salonuna yığışmışdı. Mirzə Niyaz qoltuğunda bir çox əski kitab və əlində qalın bir portfel olduğu halda oturub fikirləşirdi. O, kitabını və portfelini müttəhimlər kürsüsünün yanındakı masanın üzərinə qoyub qoltuğundakı bloknotdan məhkəmədə verəcəyi cavabı əzbərləyir və arasıra gözünün birisini aşağı və digərini isə yuxarı edərək dərin bir surətdə düşünürdü. Nəsibə də gəlib bir tərəfdə oturub qucağındakı uşağa hərəkət verir və onu sakit eləyirdi. İş başlandı. Məhkəmə sədri işlərin içərisindən bir iş götürüb səsləndi: – Nəzirə hacı Həsən qızı! Cənab Mirzə Niyaz Rəhimli! Məhkəmə sədrinin sözündən sonra Nəsibə yerindən qalxaraq: – Cənab sədr, mənim adım Nəzirə deyil, Nəsibədir, yanlış yazılmışdır, — dedikdə məhkəmə sədri: – Oturunuz. Hələ sizin işinizə baxılmır, — dedi. Nəsibə oturdu. Məhkəmə sədri yenə də sözə başlayaraq: – Nəzirə hacı Həsən qızı cənab Mirzə Niyazdan şikayət verərək doğduğu uşaq üçün məsarif istəmişdir. Müddəi öz ərizəsilə bərabər məhkəməyə bir məktub da vermişdir, — dedi, — məktubu oxumağa başladı. Nəsibə yenə də həyəcanlı bir surətdə ayağa qalxaraq məhkəmə sədrini səslədi: – Məktub mənə yazılmışdır, budur surəti də redikülümdədir. Rica edirəm ərizəmə yaxşı diqqət verəsiniz. Sədr onu sakit etməyə başlamadan, Nəsibənin yanında oturan gənc bir qadın qucağındakı uşağına hərəkət verərək Nəsibəyə dedi: – Sən nə üçün yalan deyirsən. Budur Mirzə Niyazın mənə yazdığı məktub. Nəsibə gənc qadının əlindəki məktubu alıb öz məktubu ilə müqayisə elədikdə məktubların Mirzə Niyaz tərəfindən imzalandığını və məzmunca da bir olduğunu görüb heyrətləndi. Bir azdan sonra Nəsibə məhkəmə sədrinin səsini eşidərək ayağa qalxdı. Məhkəmə sədri ona belə bir sual verdi: – Bu ərizəni sənmi vermişsən? – Bəli mən vermişəm!.. – Nə istəyirsən? – Uşaq üçün məsarif istəyirəm!.. Məhkəmə sədri daha başqa cavab vermədi. Müddəilərin ikisi də öz ərizəsində uşaq üçün məsarif tələb etmişdi. Məhkəmə sədri Mirzə Niyaza müraciətlə: – Cənab Mirzə Niyaz, indi söz sizə verilir — dedikdə Mirzə Niyaz ayağa qalxdı, kürsünün üstündəki kitablarını düzəltdi, öz portfelini də onların üzərinə qoyaraq bloknotu da əlinə aldı. O, sözünü belə başladı: – Bir çoxları təəccüb edəcəkdir ki, Mirzə Niyaz elmi bir işçi olduğuna baxmayaraq iki qadına bir məktub göndərmişdir. Almaniyalı elmi-təşrih və ruhiyyat alimlərindən, doktor Fon Şarilberq öz əsərində yazır ki, qadınlar xarici görünüş cəhətcə müxtəlif olsa da, onlar xasiyyət və təbiətcə birdir. Onların daxili quruluşu və insanlığa məxsus iste’dadı fərqli deyildir. Milan alimlərindən Paulin Şiffin yazdığına baxılırsa, bir qadın ağlını ölçmək üçün digər bir qadının hərəkətlərinə diqqət vermək kifayətdir. Bu kimi elmi əsaslara istinadən, mən bu iki qadının hər ikisinə bir məzmunlu məktub göndərdim. Şübhəsizdir ki, məhkəmə salonunda oturan ağalar və ziyalı simalar, tacir və qiymətli şəxslər mənə belə bir sual verə bilər: – Siz nə üçün qadınları tez-tez dəyişirsiniz? Mən yenə də bu suala elmi əsaslara istinadən cavab verəcəyəm. Vyana alimlərindən Yulveysin, Frans İosifə ittihaf olaraq yazdığı «Ailə quruluşunda intixab» sərlövhəli əsərinin 35-ci fəslində yazır ki: «Sağlam ailə qurmaq istəyən bir erkək, dişiləri intixab etmək qüvvətinə malik olmalıdır». Mən bu kimi elmi qeydlər nəticəsində də azəri xalqına mədəni bir ailə vermək hazırlığını aparır və intixab üsullarını tətbiq edirəm. Hələ Almaniya alimlərindən Pedor Fontso Beltitsa yazdığı böyük bir əsər intixab üsulu tətbiq edən və qadınları tez-tez dəyişən erkəkləri daha da haqlı buraxır. O yazır ki: «Bir nöqtədə donub qalmaq, yaşamaq üçün eyni fikri əsas tutmaq inkişaf və proqres qanununun əleyhinədir». Bundan da əlavə, professor Fridrix Tsimmer yazır ki, «İzdivac qanununun tələbi üzərinə olaraq bir qadının məhəbbətində davam etmək ibtidai adətlərin töküntüsüdür». Eyni professor digər bir əsərində yazır ki: «İzdivac müddətinin uzunluğu iki insanın biri digərinə yük olması deməkdir». Amerika alimlərindən Mister Vilyamson yazır ki: «İzdivac əlaqəsi tabut gəlmədən qırılsa daha yaxşıdır». Hindistan alimlərindən Buriba yazır ki, «İzdivac ağırlığından dincəlmək üçün talaq məcburi bir haldır». Uşaqlara məsarif vermək məsələsinə gəldikdə, bu barədə mən öz məktubumda yazmışam: «Dünyaya gəlmək istəyən uşağın dünyaya gəlməmişdən əvvəl qeydinə qalmalısan». Bu sözlərdən sonra qadınların hər ikisi birdən – Fırıldaqçı! — dedilər, Buna cavabla Mirzə Niyaz vüqarını pozmayaraq dedi: – Viyana filosoflarından M. Çoller Landtık və Essen professorlarından Kellenanın yazdığı üzrə fırıldaqçılıq insanların yaşamaq qabiliyyətindən doğan bir xüsusiyyətdir. Məhkəmə salonunda oturanların Mirzə Niyaza əl çalması və «elmi işçi»ni alqışlaması bitmədən müsavat məhkəməsi öz qərarını uca səslə e’lan etdi: – Nəzirə hacı Həsən qızı və Nəsibə Usta Ələsgər qızının cənab Mirzə Niyazdan məsarif tələb etmək üçün verdikləri ərizələri kifayətsiz e’lan edirik. Bazar baqqalları Mirzə Niyazı aralığa alıb təbrik etdikləri zaman qucağında uşaq olan iki gənc qadın bir daha səsləndi: – Fırıldaqçılar!.. * * * Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi: – Zəmanənin üzünə lə’nət! Mirzə bu sözləri dedikdə onun qadını Şeydabəyim xanım da saçlarını daramaqda idi. O, daraqdan təmizlədiyi tük qırıntılarını barmaqlarında yumurladı və üstünə tüpürüb gül qabına salaraq: – Yenə nə olubdur? — deyə Mirzəyə sual verdi. Mirzə əlindəki bığ çotkasını jiletinin cibinə qoyaraq: – Bundan artıq nə olacaqdır? — dedi, — Bu dünyada nəcib və alim adamlar üçün iş yoxdur. Gədə-güdə işi alıb əlinə, amma Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımiç kimi alim, dünya görmüş adamlara iş tapılmır. Axırda mən kənd müəllimliyinə də boyun əydim, onu da mənə çox gördülər. Bilmirəm yaxamız bu əclaflardan nə vaxt qurtaracaqdır? Şeydabəyim xanım iki əllərini düyüb gözlərini bərəltdi və: – O qanmaz köpək uşağı səndən də elmli, səndən də qanacaqlı, səndən də tərbiyəli, səndən də nəcib, kimi tapacaqlar? Desinlər görüm mahalda ikinci Şahqulu bəyin nəvəsi vardırmı? – Bəlkə də vardır, — Mirzə qəmli bir halda dedi, — burnu fırtdıqlının birisi mənə imtahan tutdu «harada müəllimlik qurtarmışsınız»? deyə soruşdu, kağız istədi, mən də ki, bunu tapa bilmirəm. İndi o kağızı mənə kim verər? Bunun üçün də mərkəzdən ağzından süd qoxusu gələn bir uşağı mənim yerimə göndəriblər. Mirzə Kazım Kazımiç bu sözləri danışarkən qanı vuruldu, o, özünü şaşırdı və nə edəcəyini, yaxud hara qaçacağını bilməyərək qadınına müraciətlə: – Şeydabəyim, amanın bir günüdür, məni bu haramzadanın əlindən qurtar, — dedi. — Yenə bu həyasız Məşədi Haşımdır. Sən olasan Qulu Soltanın goru gəl bunun qırt-qırtını birkərəlik kəsək getsin. Şeydabəyim əlini masaya vuraraq: – Bunu biryerli başından çıxar. Mən heç vaxt qızımı Keçiqulaq kəndinin küçə baqqalına verməzəm. Siz allah bir kişinin namusuna baxın, istəyir ki, Qulu Soltanın nəvəsini itin birisinə versin. Mirzə Kazım yalvarıcı bir surətdə danışırdı: – Ay arvad, mən bunların hamısını bilirəm. Bilirəm ki, mənim qızım iki tərəfdən də nəcibdir. Ata tərəfindən Şahqulu bəy, ana tərəfindən Qulu Soltanın nəvəsidir. Amma nə çarə etmək. İl üzünü kişinin dükanından söküb gətirib yemişik. Özünə də qızı və’də vermişik. İndi gərək ya qızı verək, ya inki kişinin pulunu özünə qaytaraq. Bu da ki, bizdə yoxdur. Arvad, sən gəl mənim alış-verişimə qarışma! Şeydabəyim xanım özündən çıxdı: – Cəhənnəmə yoxdur, gora yoxdur. Get haradan tapacaqsan tap ver, — dedi. Şeydabəyim xanımın səsini eşidərək içəri otaqdan qızları Dilrüba xanım da dışarı çıxdı: – Ana, yenədəmi döyüşürsünüz? Vallah mən ağlayacağam, — deyə ağlamağa başladıqda baqqal Məşədi Haşım da pərdəni qaldırıb başını içəri uzatdıqdan sonra: – Mirzə, gəlmək olarmı? — deyə səsləndi. Mirzə Kazım vəziyyətini dəyişdirərək: – Buyurun məşədi — dediyi zaman əvvəlcə Şeydabəyim xanım, onun dalınca Dilrüba gözlərinin yaşını silərək içəri otağa keçdi. Məşədi Haşım baqqal evin vəziyyətini gözdən keçirdikdən sonra, börkünü çıxarıb yemək masasının üzərinə atmaqla: – Mən buna razı deyiləm, — dedi. — Madam ki, qız məni sevmir, bir halda ki, o mənim adım gələndə ağlayır, o zaman bu xeyir işin bir faydası olmaz, o zaman qız mənə gəlsə də, bu xeyir işə razı olsa da, ondan ağız ləzzəti görməyəcəyəm. Yastıq yoldaşı ki, sahibini sevmədi, onun faydası yoxdur. Yaxşı olar ki, mənim haqq-hesabımı verəydiniz, çıxıb gedəydim. Mən daha evlənmirəm. Mirzə Kazım əlini onun çiyninə qoyaraq: – Məşədi Haşım, and olsun Şahqulu bəyin qəbrinə qızın səndən ötəri arası yoxdur. Özü də anasını bu barədə tələsdirir, ağlamağı da aramsızlığındandır. Bir də budur ki, indi qızı kimə verəcəyiz ki, səndən artıq olsun? İndi daha bəy yox, xan yox, pristav yox, naçalnik də yoxdur. Məşədi Haşım baqqal döşünü qabağa verərək əlini arxalığının qoltuq cibinə vurdu: – İndi xan da mənəm, bəy də mənəm. Pristav da, naçalnik də mənəm; onların yüzünü qoynumdakı bu kisə ilə alıb sataram, — dedi. Mirzə Kazımın rəngi bir az açıldı, pul söhbəti onu bir az canlandırdı və Məşədi Haşım baqqalı ələ tutmağa, qəlbini ələ gətirməyə başladı: – Onu mən bilirəm. Bilirəm ki, qızım sənin evində ehtiyac hiss etməyəcəkdir. Buna görə də qızın özü də səni sevir. O ki, qaldı qızın ağlamasına, bunun təmamilə başqa mə’nası vardır. Allah yoxsulluğun evini yıxsın. İnsan ailənin yanında da xəcalətdə qalır. Mirzə Kazımın bu söhbətində Dilrüba xanım da içəri otaqdan çıxaraq Məşədi Haşım baqqalın yanında bir az dolaşaraq, qayıtdı. Məşədi Haşım baqqal qızın onu sevdiyini eşitdiyi üçün gözləri qızmış və hali-təbiisindən çıxmışdı. Buna görə də o, Mirzə Kazım ilə əvvəlcə danışdıqlarından peşiman olaraq dedi: – Mirzə, indi ki, siz məni alçaq könüllük edib öz qohumluğunuza qəbul edirsiniz, o zaman öz sirrinizi məndən gizlətməməlisiniz, hərgah ehtiyacınız varsa yenə də məndə beş-on şahı tapılar. Allah kərimdir. Dünya həmişə belə qalmayacaqdır. Məşədi Haşım da beylə oğul deyil ki, bir parça çörək tapa bilməsin. Mirzə Kazım pul adı eşidərkən əllərini bir-birinə sürtərək evi bir baş dolaşdı, çotkasını jiletinin cibindən çıxarıb bir kərə bığlarına çəkdikdən sonra Məşədi Haşıma müraciətlə dedi: – Qızın bu gün anadan doğulan günüdür. Ona bəzi şeylər almaq lazım idi. Əslinə baxasan dava da onun üstündədir. O deyirdi ki, mən burada qalmaq istəmirəm. Köçürün gedim deyirdi. Məşədi Haşım üzünü divara çevirdi, o, arxalığının döşündən asılan qaytanı bir kərə yuxarı çəkdi və qoynundan göy parçadan tikilmiş bir kisə çıxardı, əlləri titrəyə-titrəyə 10 dana çervon sayıb götürərkən özü-özünə danışdı: «Sən öləsən, böyük kələyə düşmüşəm. Bu zalım qızını bir təhər söküb bu evdən qoparsaydım yaxam qurtarardı. Mən özüm də bilmirəm, bir ilin içərisində insan neçə dəfə doğula bilər? Bu il ən azından dörd kərə bunun doğulan gününə xərc vermişəm. Özünə də yüz manat-yüz manat». Məşədi Haşım pulları Mirzə Kazıma verdikdə Mirzə Kazım: – Sağlıq olsa bu günlər xeyir işi başa gətirməliyik, — dedi: – Qız ki, on səkkiz yaşına çatdı, özünün vəkilidir. Keçmişdə adət var idi, şəriət var idi. Allah baisin evini yıxsın. Mən başıma nə kül töküm, qoşulub getdi! Bu sözləri Mirzə Kazım Məşədi Haşım baqqala deyirdi. Məşədi Haşım qızın əldən çıxdığını eşidərkən daha artıq söz danışmadı, cibindən dəftərini çıxarıb masanın üzərinə atmaqla: – Eybi yoxdur. Qoy getsin. Hərgah məndən artıq verən varsa, mən mane deyiləm. Lakin mən bu saat haqq-hesabımı alıb gedəcəyəm. Mən daha evlənmirəm, qələt eləyirəm. Gedib öz tayımı taparam. O pula iyirmi pakizə qız alaram. De gətir görək. Mən bu evə daha qayıtmayacağam. Mənə də Məşədi Haşım deyərlər! Mən qənimə qan ağladan bir kişiyəm. Gedənin birisinə əlli manat verərəm, bir dəfə «part», qurtardı getdi. Onda bilər ki, özgənin nişanlısını aparmaq nədir. Mirzə Kazım vəziyyətin ağırlığını hiss edirdi, qızını Danağıran kəndinin dükançısı Kəblə Hüseynquluya verməyə bilməzdi. Çünki Kəblə Hüseynqulu ilə olan «tanışlıqları» Məşədi Haşım ilə olan əlaqələrindən daha əvvəl idi. Mirzə Kazım Məşədi Haşımın hiddətini soyutmaq üçün: – Heç özündən çıxma, — dedi, — qismət belə imiş. Qızın özü də səni sevdiyinə baxmayaraq, birdən-birə dəyişdi, sən onu iki ildir ki, gözlədin, zəhmətini çəkdin, ətək dolusu pul xərclədin, axırda o səni buraxıb başqasına getdi. Xudavəndi aləmin də istədiyi bu imiş. Nə olsun ki, Dilrüba olmasın onun kiçik bacısı Xanımçan olsun. Özü ondan gözəl, ondan da yaşda kiçik, on yeddi yaşında. Bir il də gözlə, gəl əyalına sahib ol. Mirzə Kazım bu sözü deyərək qızı Xanımçanı səslədi: – Qızım, külqabını bura gətir, — dedikdə qız içəri girdi və külqabını gətirib masanın üzərinə qoyub qayıtmaq istədi. Mirzə Kazım qızı səsləyərək: – Qızım, əmiyə əl ver, — dedikdən sonra qız utana-utana Məşədi Haşıma yanaşaraq əlini sıxdı. Bu halda Məşədi Haşım qarşısındakı güzgüyə baxdı, əlləri ilə saqqalını düzəltməyə başladı və dedi: – Mən nə deyə bilərəm? Siz mənim böyükümsünüz, özünüz də nəcib və elmli bir adamsınız. İndi ki, məsləhət görürsünüz, mən bir il də gözlərəm, amma belə qanıram ki, balaca xanımın yaşı o qədər kiçik deyildir. Elə indi də xeyir işi bitirə bilərik. Mirzə Kazım gülümsəyərək: – Mənim heç sözüm yoxdur, — dedi, — qızı aparıb necə ki, istəyirsən elə də tərbiyə edib, öz səliqən ilə də böyüdərsən. Ancaq məsələ burasındadır ki, mənim hələlik qız köçürmək halım yoxdur. Görürsən ki, işsizəm. Bir az səbr eləyin, əlim iş tutsun, axı biz də bir adamıq, nə oldu ki, bir neçə ildən bəri kasıbladıq. Bizim bir ad-sanımız vardır. Xalq eşitsə ki, Şahqulubəyin nəvəsini köçürtmək istəyirlər, hər yerdən tökülüb gələcəklər. Xüsusən qız ana tərəfindən də Qulu Sultanın nəvəsidir. Mən istəmirəm xərcin hamısı sənin üstünə düşsün. İndi ki, qızın üstünə sənin kimi bir namuslu adamın adı qoyulur, gərək indidən başlayıb onun əyin-başını düzəltmək və sənin adına layiq bir qız şəklinə salmaq. Özün də bilirsən ki, hələlik mən bunu bacarmayacağam. Mənim o vaxtım deyildir. Sən bilirsən ki, məni zəlzələ dağıdan kimi dağıtdılar. Xüsusən qızın anası Şeydabəyim xanımla da danışmaq və onu bir təhərlə bu məsələyə razı salmaq lazımdır. Hərçənd onun özü də sənin kimi nəcib bir kişi ilə qohum olmağı özünə fəxr bilir, bununla belə yenə də o qız anasıdır. Kürəkəni tərəfindən razı salınmalıdır. Kürəkən də qaynananın məsləhətini əldə etməlidir. Mirzə Kazım çox uzun danışdı. Məşədi Haşım baqqal isə kibrit qabındakı kibritləri boşaldıb və bir-bir götürərək bir tərəfə qoyurdu. O, Mirzə Kazımın böyük qızına qoyduğu xərci kibrit çöpləri ilə hesab edir və düşünürdü. Məşədi Haşım baqqal Mirzə Kazımın dediyi sözlərin mə’nasını tamamilə anlayır və bu alış-verişin altına girmək üçün yenə də öz sərmayəsini kibrit çöpləri ilə yoxlayaraq danışırdı: – Mirzə, sən bilirsən ki, məndə böyük sərmayə yoxdur. Mən kənd dükançısıyam. İndi də ki, dükanı yığışdırmışam, əlimdə olan sərmayə də o qədər böyük deyildir. Sizin qızınıza qoyduğum xərci də ki, bilməmiş deyilsiniz. Hələ sizə borc verdiyim buraya daxil deyildir. – Buna görə də mən xahiş edərdim ki, bizim balaca xanım vasitəsilə başlayacağımız qohumluq mənim üstümə çox da baha oturmasın. Bir az ucuz başa gətirəsiniz ki, öz sirrimiz öz içimizdə qalsın. Heç kəs bilməsin ki, nəyimiz var, nəyimiz yoxdur. Mirzə Kazım: – Belədir ki, deyirsən — söylədi. Lakin böyük işə girən adamlar böyük zəhmət çəkməli və böyük xərc qoymalıdır. Sən Şahqulu bəy və Qulu Sultanın nəvəsinə evlənirsən, gərək onların işinə layiq də iş tutasan. Mənə borc verdiyin pula gəldikdə, onu da işə girən kimi bir yerdən özünə qaytaracağam; bu günün özündə iş tap, gedib işləyim və maaşımı alan kimi də pulunu qaytarım. Özün bilirsən elmli bir adamam. Bu məsələnin ucuz qurtarmasına gəldikdə, mən sənin vəziyyətini nəzərə alıram. Bu barədə də sonra danışarıq. Hələlik sabah keçə Xanımçanın ad günüdür, hazırlıq görmək lazımdır. Məşədi Haşım baqqal kisəsindən iki yüz manat çıxarıb Mirzə Kazımın qabağına qoyarkən öz ürəyində: «Hələ bu birinci ad günü...» — dedi. Bu gecə Keçiqulaq kəndinin ağsaqqal, qolçomaq və həmpaları bir yerə yığılıb məsləhətləşirdilər. Onların içindən Təhməzqulu söz alıb: – Kolxozluq başlanır, — dedi, — əvvəla budur ki, bizi kolxoza qoymayacaqlar. Hamı bir səslə: – Qoysalar da bizim üçün əlverişli olmayacaqdır. Belədir Məşədi Təhməzqulu, belədir ki, var — dedilər. Məşədi Təhməzqulu yenə də sözü davam etdirərək: – Qoymayacaqlar, — dedi, — hərgah qoysalar da, yoxsul kəndliləri bizə yedək verəcəklər və deyəcəklər ki, siz öz mallarınızla gəlin, onlar boş əllərilə gəlib sizə şərik olsunlar. Baş kənddə də, Həsənqara kəndində də, Çamuşbatan kəndində də, Quzuburnu və Sarıdərədə də belə olmuş. Məclisi sükut bürüdü. Hər kəs bu vəziyyətdən necə və nə cürə qurtarmaq haqqında düşünərkən Məşədi Təhməzqulu yenə də sözünə davam edib danışdı: – Gərək biz elə bir adam tapaq ki, bizim özümüz üçün kolxoz düzəltsin, hökumət də gözünü açıb görsün ki, Keçiqulaq kəndi hamıdan qabağa düşüb kolxoz düzəltmişdir. Bu barədə də bizə bir dil bilən və yol göstərən adam lazımdır ki, özünün torpaq işindən də başı çıxsın. Bizim dilimizdən hökumətə ərizə yazsın və işin başı üstündə durub yerbəyer eləsin, hərgah biz bir az da səbr etsək gədə-güdə qabağa düşüb kolxozu düzəldəcək, hökumət də bizim əlimizdəki torpaqları alıb onlara verəcəkdir. Məşədi Təhməzqulu sözünü davam etdirərkən, Məşədi Haşım baqqalın başında yeni bir fikir oynamağa başladı və onun yadına Mirzə Kazım Kazımiç düşdü. O, həm Mirzə Kazım üçün iş tapmaq, həm də ona verdiyi borc pulları qaytarmaq üçün əlverişli bir fürsət ələ düşdüyünü gördü və sözünü belə başladı: – Siz bilirsiniz ki, mənim o qədər torpağım yoxdur, mən alış-verişçiyəm. Haqq-hesabı yaxşı bilirəm. Yağı dərisindən, pendiri küpəsindən, yaxşı bezi qırağından tanıyıram. Buna görə də mənim kolxoz haqqında düşünməyim artıqdır. Çünki mənim var-yox Qarayal üstündə 25 batman, Tülkü yatağı yanında isə 30 batmanlıq yerim vardır. Amma mənim sizə yazığım gəlir, çünki hər biriniz Keçiqulaq kəndinin böyük bir həmpasısınız. İkiyüzüçyüz batmanlıq da torpağınız vardır. Bunun üçün də mən sizə bir yaxşılıq etmək xəyalına düşmüşəm. Bu iş şübhəsiz ki, məndən aşacaqdır. Sizin yaranıza məlhəm qoyan mən olacağam. Mən Qırdığaç kəndində bir bacarıqlı adam tanıyıram, bu işləri düzəltsə ancaq o düzəldəcəkdir. Özü də çox nəcib bir adamdır. Şahqulu bəyin nəvəsidir. Hər elmdən də başı çıxır. Torpaq işini də lap gözəl bilir. Mən gedib onu bir təhər razı salıb gətirərəm. Hərgah o, bu işə razılıq versə ondan oyana sizin işiniz yoxdur. Bu söhbətdən məclisdə oturan bütün qolçomaqlar Məşədi Haşımdan razı qaldığını bildirdi. Aralıqda həll edilməmiş bir məsələ varsa, o da Mirzə Kazımı Keçiqulaq kəndinə dəvət etmək şəraitindən ibarət idi. Buna görə də Məşədi Təhməzqulu Məşədi Haşıma belə bir sual verdi: – İndi de görüm onu bura necə gətirəcəyik? — dedikdə Məşədi Haşım: – Bax, mən sizə indidən xəbər verirəm. O kişinin başını qaşımağa macalı yoxdur. Səhərdən axşama kimi qapısı camaatla doludur. Hər kəsə nə lazımsa məsləhətini gəlib ondan alır. Buna görə də onun qulluğuna əliboş getmək olmaz. O da xırda pullara ağız bulaşdıran adam deyil. Çox məsləhətdən sonra, Məşədi Haşım min manat pulu qoynuna qoyub səhər tezdən Qırdığaç kəndinə getməyi öhdəsinə götürdü. Bu gün Keçiqulaq kəndinin qolçomaqları üçün tarixi bir gün hesab olunurdu. Onlar Mirzə Kazım Kazımiçin bu gün kəndə gələcəyini eşidib böyük bir hazırlıq görmüşdü. Qolçomaq və onların dalınca gedən bir çox avam kəndlilər səhər tezdən dəyirman arxının yanında toplanıb Mirzə Kazımı gözləyirdi. Qabaqdan görünən hər bir qaraltı Keçiqulaq kəndinin qolçomaqları üçün böyük ümid və hədsiz bir şadlıq verirdi. Nəhayət iki saat gözlədikdən sonra Ayı qayası adlı təpənin başından iki nəfər qaraltı görünməyə başladı, qaraltılar böyüdükcə qolçomaqların varlığında hökm sürən ümidlər və xülyalar da böyüməyə başlayırdı. Qaraltı yaxınlaşdı, onların birisi Məşədi Haşım baqqal, ikincisi isə Mirzə Kazım Kazımiç idi. Dəyirman arxına bir az qalmış Məşədi Haşım mindiyi boz yabanı qamçılayıb kəndlilərə yaxınlaşdı və atının üstündən başını əyib qolçomaqlara yavaşdan dedi: – Özünüzü yaxşı aparın. Mirzə hələm-hələm adamlardan deyil. Məbada artıq-əskik söz danışasınız. Yoxsa bu saatda hər şeyin üstünə tüpürüb qayıdar. Məşədi Haşım bu sözü dedikdən sonra yenə də atının başını çevirib Mirzə Kazıma yanaşdı və ona da bəzi məsələləri çox yavaşdan dedi: – Birinci növbədə bunların gözünün odunu söndürməlisiniz. Özünüzü çox ağır tutun, — dedi. — Bəzi elmlərdən də bunlara nişan verin. Torpaq işlərinə, maldarlığa və s. işlərə dair də danışın. Amanın günüdür, özünüzü yaxşı aparın, mən hamısını deyə bilmərəm. Söz yoxdur ki, mən dediyimi sən özün anlayırsan. Camaata yaxınlaşdılar, bütün qolçomaqlar Mirzə Kazıma baş əydi, Mirzə Kazım isə başı ilə onları salamladı. Mirzə Kazım birinci növbədə qolçomaqlara adi adamlar şəklində görünmədi, onun daşıdığı libas və qiyafənin hər xırda cihəti qolçomaqların diqqət-nəzərini cəlb edirdi. Əvvəla o, başında yanları göy mahud furajkasının üstünə bir dənə çiçək şəkli yapışdırmışdı ki, bu furajka da onun pristav yanında dilmanc olduğu zamandan qalırdı. Çiçək şəkli onun nəbatat alimi olduğuna işarə idi. Onun döşündən sallanmış qaytanların birisi eynəyini, ikincisi saatını, üçüncüsü ucu gümüşlü daş qələmini, dördüncüsü isə furajkasını küləkdən qorumaq üçün idi. O, sağ tərəfdən bir durbin və sol tərəfdən balaca bir sumka asdığı kimi döşündə də bir balaca kompas (qiblənuma) sallamışdı. Qolçomaqların diqqət-nəzərini cəlb edən şeylərdən birisi də Mirzə Kazım Kazımiçin xurcunundan görünən kitablar idi. Onun uzunboğazına taxdığı sim qamçı, qulağının dalısına qoyduğu daş qələm, Məşədi Haşım baqqalın götürdüyü dolu portfel, mirzənin əllərinə taxdığı dəri əlcəklər, xüsusən üstündəki cürbəcür nişanlar da qolçomaqların gözündə ümidverici bir surətdə böyüməkdə idi. Əvvəla, komsomolun «KİM»-dən qabaq daşıdığı nişanı pəncəyinin sol yaxasına taxmışdı, çünki bu, Mərkəzi İcraiyyə Komitəsi üzvlərinin nişanlarına çox oxşayırdı. Nişanlardan, şəhər ilə kənd əlaqə cəmiyyəti, MOPR, Könüllü kimya cəmiyyətinin nişanları, həmkarlar ittifaqlarının payladığı cürbəcür nişanlar bir tərəfində, digər tərəfində də rəhbərlərin xırda-xırda surətləri asılmışdı. «Ovçular», «Siyahətçilər», «Qızıl aypara» nişanlarından bir neçəsini də döşündə yer olmadığı üçün jiletinin yaxasına düzmüşdü. Atlar çox yavaş-yavaş gəlir, qolçomaqlar da piyada olaraq, sağda və solda yürüyürdü. Məşədi Haşım baqqal isə atını o tərəf bu tərəfə döndərib qolçomaqlara yanaşır və özlərini yaxşı aparmaq tövsiyəsində bulunur, Mirzənin nişanlarının haqqında məlumat verirdi. Qurbanəli zəmisinin yanındakı söyüdlüyə yetişdikdə Mirzə Kazım əli ilə qolçomaqlara işarə edərək: – Durun! Dayanın! — dedi. Mirzə Kazım durbini qabından çıxartdı və cibindəki burun dəsmalı ilə durbinin şüşələrini təmizləyərək söyüd ağacının dibində düşən quşu gözdən keçirməyə başladı. O, bir neçə saniyə baxdıqdan sonra üzünü qolçomaqlara dutaraq: – Böyük bir kəşfiyyat, — dedi, — bu quş, Şimal və Şərq məmləkətlərində görüləsi quşlardan deyildir. Bu quş elmi nöqteyi-nəzərdən çox əhəmiyyətli bir quşdur. Mirzə Kazım bunu deyərək atdan düşdü və xurcunundan olduqca köhnəlmiş bir kitab çıxartdı. Kitabda müxtəlif quş şəkilləri var idi. O, kitabı uzun zaman vərəqlədi, axırda barmağını qanadlarında sarı xallar və dimdiyinin ucunda noxud yekəliyində bir ziyil göyərmiş quşun üzərinə qoyaraq: özüdür ki, var, — dedi, — bu quşun adına yunanca «Baklida» quşu deyərlər. Bunlar Cava və Sinqapur adalarında yaşayırlar, həmişə Tridau çayının yanındakı qara istiyot ağaclarında yuva bağlayıb yaşayır, yedikləri də Qrandik bataqlığının yanlarında otlayan dişi meymunların beynidir. Buna görədir ki, quşun vücudu sarıya mayildir. Çünki bütün dişi meymun kimi beyni də sarıdır. Bu quşların erkəyi olmaz. Onlar ancaq Siyam adalarında olan «Sırındaq» adlı quş ilə çütləşirlər. Bu sözlərdən sonra Mirzə Kazım durbini Məşədi Təhməzquluya verdi, o da quşu nəzərdən keçirərək indiyə qədər bu rəngdə quş görmədiyini oradakı qolçomaqlara da söylədi. Hamısı bir-bir alıb baxdıqdan sonra Mirzə Kazım durbini Məşədi Haşım baqqala verdi. Məşədi Haşım quşa baxdı və öz-özünə düşündü: çünki quşun rəngi sarıya mail olsa da vücudunun quruluşu və xüsusən onun quyruğu tamamilə sağsağana bənzəyirdi. Məşədi Haşım şübhələndi, durbini çevirib baxdıqda Mirzə Kazımın dəsmalından durbinin şişələrinə yapışan sarı burun otu parçalarını götürüb şübhədən çıxdı. O, heç bir söz demədən durbini Mirzə Kazıma qaytararaq: – Afərin olsun Mirzənin elminə, — dedi və yavaşdan Mirzənin qulağına bu sözləri pıçıldadı: — Yaxşı ki, burun otu parçalarını görmədilər. Tez durbini qoy yerinə. Mirzə Kazım durbini qabına qoyduqda bir daha üzünü qolçomaqlara çevirərək: – Bu durbin də tarixi bir durbindir. Bu durbin almanlarla fransızların Sedan davasında Napolyonun əlində olmuşdur. Bismark Napolyonu əsir götürdüyü zaman ara qarışıb, durbin faytondan düşüb çöldə qalmışdır. Biz dərsimizi Almaniyada bitirib Şvetsariyada «Qarada» meşələrinə təcrübə dərslərinə getdiyimiz vaxt, həmin bu durbini bir kəndlinin evində görüb on səkkiz qızıla aldım. Qolçomaqlar Mirzə Kazımın xaricdə təhsil etdiyini eşidərək daha da geniş ümidlərə daldı. Məşədi Haşım isə yenə də xoruzlanaraq: – İndi görürsünüz ki, Məşədi Haşım bir kənd dükançısı olduğuna baxmayaraq elmli və mə’rifətli adamlarla tanışdır. Rəhmətlik atam da belə idi, ətrafdan gələn bütün qonaqlar dəllək usta Gənbərin evini soruşub atını düz doğru qapımıza sürərdi. Mirzə Kazım durbini yenə də yanından asdı və haman quşun qonduğu yerə irəliləməyə başladı. Məşədi Haşım və qolçomaqlar da onun dalısınca düşüb gedirdi. Quş uçub getmişdi. Lakin onun qonduğu yerdə qurumuş bir uzunqulaq təzəyi var idi. Mirzə Kazım uzunqulaq təzəyini diqqətlə nəzərdən keçirdikdən sonra qolçomaqlara dönərək: – Keçiqulaq kəndi adi kəndlərdən deyilmiş, — dedi, — bu təzəyin özünü də elmi nöqteyi-nəzərdən tədqiq etdikdə görəcəksiniz ki, bu da adi «uzunqulaqların» təzəyindən deyildir, təzəyin mənsub olduğu heyvan Hindistanda, Sində nəhri sahillərində yaşayan «Şiraşyan» qəbilələrinə məxsus uzunqulaqlardandır. Bunların adına «Şərqlan» uzunqulağı deyirlər. Qolçomaqlar heyrət içərisində qaldığı vaxt Mirzə Kazım da yanındakı sumkasından bir şişə aləti çıxarıb təzəyi yoxladı və sonra təzəyə kibrit vurub odlayaraq qolçomaqlara döndü: – Fikrim doğru fikirdir, — söylədi, — təzəkdə Hindistanda «Dərəmida» meşələrində göyərən «toban» kəbələyinin maddələri vardır. «Toban» kəbələyi maddələrindən əlavə burada Dehli səhralarında göyərən «məlatu» adlı otların çöpləri də görünür. Mirzə Kazım atına mindi, Məşədi Haşım da atını yedəyində sürərək, qolçomaqlarla bərabər gedir və Mirzə Kazımın alim adam olduğu barəsində danışırdı. Qara torpaq üstünə yetişdilər. Mirzə Kazım torpaqdan bir ovuc alıb qoxuladı və fikrə getdi və bir azdan sonra torpağı yerə ataraq: – Qəribə torpaqdır, — dedi, — bu torpaq İngiltərədə Mançestr məmləkətinin torpağındandır. İngilislər bu torpaqda Mançestr toxucu fabrikalarına vermək üçün yun əkirlər. Mirzə Kazımın bu sözündə Məşədi Təhməzqulu təəccüblü surətdə Mirzə Kazıma sual verdi: – Məgər yunu torpaqda əkmək mümkündürmü? Halbuki, biz yunu qoyunlardan qırxırıq. Mirzə Kazım gülərək: – Bir halda ki, torpaqda yun əkmək mümkündür daha allahın heyvanlarına nə üçün əziyyət vermək? — dedi. Məşədi Haşım qolçomaqların şübhələnməsi və Mirzə Kazımın böyük səhvini görərkən aralığa atılıb: – Hələ Mirzədən bir çox eşitmədiyiniz elmləri görəcəksiniz, — dedi. Keçiqulaq kəndinin yoxsulları tərəfindən şəhərə bu məzmunda bir məktub göndərilmişdi: «Biz çoxdanbəri kolxoz düzəltmək və ortabab kəndlilər ilə əlbir işləmək istəyirdik. Lakin qolçomaqlar bizim hər bir işimizə əngəl törədirlər. Əvvəl qolçomaqlar bizdən qabağa düşüb kolxoz düzəltmək və öz yaxalarını qurtarmaq istəyirdilər. Hərgah belə olsaydı çox mənfəətli idi. Çünki onların əlindəki mal-qara da dağılıb itməzdi. Lakin Məşədi Haşım baqqalın vasitəsilə Qırdığaç kəndindən çağırılan Mirzə Kazım qolçomaqların başına ayrı cürə fikir qoydu. Qolçomaqlar onun məsləhətinə görə, bütün mallarını satdılar. Ortabablar da onların tə’sirinə düşüb iş mallarını tələf edirlər. Hərgah bir az da belə getsə kənddə bir dənə qara mal qalmayacaqdır. Qolçomaqlar Mirzə Kazımın məsləhətinə görə, bütün malları tələf elədikdən sonra hökumətə ərizə verib kolxoza girmək xəyalındadırlar. Məşədi Haşım baqqal böyük pul qazanıbdır. Bütün iş malları onun vasitəsilə satılır. 14 yanvar 1931-ci il. Keçiqulaq kəndinin yoxsulları. Bu məktub şəhərə göndərildiyi vaxt yenə də Məşədi Haşım öz eşqbazlığında idi. O, bu gün təzə nişanlısı Xanımçanın altıncı ad gününü keçirirdi. O, əlində zənbil içəri girdikdə, Mirzə Kazım Kazımiçin otağı qadınlar ilə dolu idi. Mirzə Kazım irəli keçib Məşədi Haşımı Nazlıça xanıma təqdim edərək: – Bu cənab mahalımızın məşhur tacirlərindən Ağa Məşədi Haşımdır, — dedi. — Bundan da sonra Mirzə Kazım Nazlıça xanımı ona təqdim eyləyərək: — Bu xanım da bizim kiçik əmimiz oğlu İldırım bəyin xanımıdır. Ərini iki ildir ki, sürgünə göndəriblər. Şeydabəyim xanım da otağa daxil olub yanındakı gənc qadını Məşədi Haşım ilə tanış elədi: – Bu Xuduş bəyin nişanlısıdır. Əri on bir ildir ki, İrana qaçıbdır, — dedi. Məşədi Haşım artıq Mirzə Kazım Kazımiçin qızı Xanımçanı tamamilə unutmuşdu. O, bilmirdi ki, hansı qadınla danışsın və onların hansı birisi ilə otursun. Çünki Mirzə Kazımın evinə yığılan qadınların hamısı tacir Məşədi Haşım ilə maraqlanırdı. Onların hər birisi Məşədi Haşımı bir cürə əyləndirir və ruhunu oxşayırdı. Nazlıça xanım: – Mən kişinin cavanını sevmirəm. Cavan kişi qadını lazımınca anlaya bilməz, — dedikdə, Püstsədəhan xanım: – Mən bədəni tüklü kişini çox istərəm. Kişiyə nərmənaziklik heç də yaramır — dedi. Gülpirəhən xanım tamamilə başqa cürə danışdı. O: – Kişi gözəl olmamalıdır. Kişidə bir qara-qabaqlıq lazım — söylədi. Qönçədəhan xanım gülərək: – Heç biriniz anlamırsınız, kişi olduqca fikirli, qaş-qabaqlı və etinasız olmalıdır, — dedi. Bütün bu sözlər Məşədi Haşımı məşğul etmək üçün idi. Məşədi Haşım yumşaq divanın üstündə oturub bu sözləri dinləyirdi. Onun yanında, qarşısındakı kürsülərdə oturan xanımlardan başqa ayaq üstündə durub ona baxanlar da var idi. Məşədi Haşım danışıqların cavabında ancaq bircə söz dedi: – Məncə kişidə pul və pul qazanmaq üçün qabiliyyət olmalıdır. Bu sözlər Məşədi Haşımın ağzından çıxarkən Şeydabəyim xanım: – Allaha çox şükür olsun ki, bunların ikisi də Məşədidə vardır, — dedi. Bu söz Şeydabəyim xanımın ağzından çıxan kimi yanlarda oturan, qarşıda duran bəy qadınlarının vəziyyəti dəyişdi, bu vaxt onlar özlərini Məşədi Haşıma cürbəcür vəziyyətdə göstərməyə çalışırdılar. Qramofon çalındı, rəqs başlandı, Məşədinin sevgilisi Nazlıça xanım yenicə oynamağa başlamışdı ki, Məşədi Haşım onun ayağı altına 20 çervon kağız para tulladı və məclisdə oturan bəy qadınlarının diqqətini daha da özünə cəlb eylədi. Lakin bu şadlıq davam edə bilmədi, rəqs salonunun «havası» çox tez dəyişdi. Sürgünə göndərilənlərin içərisində Şahqulu bəyin nəvəsi Mirzə Kazım Kazımiçin ailəsinin arabası ən qabaqda gedirdi. Bu arabanın dalınca Keçiqulaq kəndinin qolçomaqları, ən dalda gedən arabada isə Mirzə Kazım ilə Məşədi Haşım baqqal oturmuşdu. Yanlarda gedənlər və sürgünə göndəriləndələri stansiyona yola salanlardan birisi, Mirzə Kazımın Məşədi Haşıma dediyi bu sözləri eşitdi: – Mən Şahqulu bəyin nəvəsiyəm. Sözüm sözdür. Xanımçanı səndən başqa heç bir kəsə verməyəcəyəm! * * * Serjant İvanov adına körpələr evi Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi. Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi. Külək şiddətlənirdi. Hücum əmrini gözləyən hər bir qızıl əsgər bütün diqqətini toplayaraq təyyarə səsini eşitməyə çalışırdı; çünki K. kəndini düşməndən almaq üçün hücum birinci olaraq sovet təyyarələrinin hərəkəti ilə başlanacaqdı. Telefonçu hər an diviziya komandirinin əmrini gözləyirdi. Telefonun zəngi vuruldu. Telefonçu sevinərək dəstəyi götürdü. Lakin bu şadlıq uzun çəkmədi. Vurulan zəng səhra telefonunun işləyib-işləməməsini yoxlamaq üçün idi. Meşədə minlərlə döyüşçünün yerləşdiyinə baxmayaraq, bir səs belə eşidilmirdi. Lakin bir az sonra meşə həyatına yad olan şübhəli bir səsin eşidilməsi gənc leytenantı düşündürdü. Səs getdikcə şiddətlənirdi. Yaxşı diqqət verildikdə, bu səs ana döşlərindən ayrılan bir körpənin ağlamasına bənzəyirdi. Kənd çox uzaqda idi. Orada ağlayan körpələrin səsi bu qədər yaxından eşidilə bilməzdi. Bundan əlavə, kəşfiyyatçıların gətirdiyi xəbərə görə, kənd təmamilə yandırılmış, kənddə yaşayanlar isə, hərə bir tərəfə qaçıb getmişdi. Dərhal uşaq səsi gələn tərəfə dörd nəfər qızıl əsgər göndərildi, qızıl əsgərlərin qayıtması o qədər də uzun çəkmədi. Qızıl əsgərlərdən biri qucağında gətirdiyi qanlı yorğana bürünmüş uşağı göstərib raport verdi: – Hissədən iki yüz addım qərbə doğru meşənin içərisi qadın və kişi meyitləri ilə doludur. Gətirdiyim körpə isə bir qadın meyidinin yanında çapalayırdı. Leytenant heç bir söz demədi, körpəni alıb gözlərinə baxdı və qızıl əsgərə qaytarırkən: – Yaxşı uşaqdır, – deyərək dəsmalını çıxarıb gözlərini sildi və sonra üzünü qızıl əsgərə tutub dedi: – Zənn edirəm ki, qızıl əsgərlərin heç biri alman faşizminin bu vəhşiliyini unutmayacaq və intiqam hissi onlarda həmişə alovlanacaqdır. Leytenant bunları söyləyib qızıl əsgərə qısa bir əmr verdi: – Körpəni otağa aparıb rahat edin! Qızıl əsgər leytenantın nə dediyini dərhal anladı və körpəni serjant İvanovun tankına apardı. Serjant İvanov üçün bu birinci təsadüf deyildi: Buna görə də o, körpəni qızdırmaq üçün dərhal motoru işə saldı, uşağın qanlı və islanmış paltarlarını çıxarıb atdı. Onu öz isti yun köynəyinə bürüdü və başı üstündən süd şüşəsini götürüb uşağın dodaqlarına dayadı. On dəqiqədən sonra körpə şirin bir yuxuya getdi. Hücum başlandıqdan sonra göydə, yerdə, hətta qulağının dibində partlayan toplar belə körpəni şirin yuxudan ayıra bilmədi. Göyü birdən-birə dəhşətli gurultu bürüdü. Sovet bombadaşıyan təyyarələri ildırım kimi şığıyan qırıcı təyyarələrin müşayiəti ilə əsgərlərin başı üstündən ötüb keçdi. Hissənin arxasında yerləşən toplar ağızlarını düşmən səngərlərinə çevirib atəş açarkən, İvanovun tankçıları da şam ağaclarını böyrü üstə yıxaraq hücuma keçmişdi. Leytenantın tankçıları hücum əmrini aldığı zaman sanki meşədən ikinci bir meşə ayağa qalxdı. Bir an K. kəndinin üzərini sıx dumanlar bürüdü. Ağır tanklar iti sür’ətlə irəli çumur, bombadaşıyan təyyarələr isə iri və ağır bombaları düşmən səngərlərinə tökürdülər. Çox çəkmədi ki, təyyarələrimiz düşmən təyyarələri ilə üz-üzə gəldi. Havada vurulan düşmən maşınları meşənin içinə düşür, pulemyotlardan güllə yağmuru yağır, topların mərmiləri isə düşmən toplarını havaya sovururdu. Piyadalar düşmən səngərlərinə yaxınlaşırdılar. Arabir gənc leytenantın «İrəli! İrəli!» – səsləri eşidilirdi. Lakin bu səs birdən-birə dəyişdi, leytenantın: – Süngü döyüşünə hazır ol! – komandası eşidilərkən düşmən səngərlərinin qarşısında üçüncü meşə yarandı. Artıq nə top, nə pulemyot, nə təyyarə motorlarının səsi eşidilirdi. Süngü müharibəsi başlanmışdı. Qanlı çırpışma dörd saat davam etdi. Düşmən kəndi əlində saxlamaq üçün bütün qüvvəsini sərf etdi, lakin böyük tələfat verəndən sonra geri çəkilməyə məcbur oldu. Sakitlik başlanmışdı. Şimal küləkləri göyü doldurmuş barıt dumanlarını uzaqlara qovurdu. Düşmən kənd küçələrində çoxlu tank, parçalanmış pulemyot və top buraxıb getmişdi. Hər tərəf bir sükuta qərq olmuşdu. Yalnız uzaqlardan seyrək-seyrək pulemyot səsləri eşidilirdi. Bu vaxt İvanovun tankındakı körpə şirin yuxudan ayıldı və kiçik gözləri ilə tankın içərisindəkiləri seyr etməyə başladı. İvanov körpənin oyandığını gördükdə: – Bütün yorğunluğum bununla bitdi, – dedi və süd şüşəsini körpənin ağzına yaxınlaşdırdı. Körpə isə bu süd şüşəsini mehriban bir ananın döşü kimi bərk-bərk tutdu. Düşmən çəkiləndən sonra kəndə birinci olaraq balaca Vera qayıtmışdı. O, kəndə böyük bir ümidlə gəlmişdi. Onun fikrincə ata-anası hamıdan əvvəl kəndə qayıtmış və evi qızdırmışdılar; çünki faşistlər kəndə girdiyi zaman onlar isti paltar götürməyə, hətta ayaqqabılarını geyməyə belə imkan tapa bilməmişdilər. Vera ayaqyalın idi, meşənin tikanlarında didilmiş ayaqlarını küçələrin buzlu palçıqlarına basdığı zaman titrəyir və ağlayırdı. Qız evlərini tapa bilmirdi. Lakin su budkasının yanından sol tərəfə baxdığı zaman evlərinin yanıb külə döndüyünü görüncə, hönkür-hönkür ağlamağa başladı. Vera bütün gecə-gündüz heç bir şey yeməmişdi, yorğun bədəni soyuqdan donurdu. O, qızınmaq üçün anbarın yanıb oda dönmüş dirəyinin yanında oturdu. Yorğunluq və yuxusuzluq can ağrısına qalib gəldi. Bir neçə dəqiqədən sonra onu yuxu apardı... Budur, atası çöl işindən təzəcə evə qayıtmışdır; anası nahar süfrəsini döşəyir; sobada qızardılmış qazı, bişmiş kartofu, qıpqırmızı üz bağlamış südü və başqa yeməkləri gətirib masanın üstünə düzdü. Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə tökub qaşıq ilə əzir və yeyirdi. Vera bu ləzzətli xəyali süfrənin başında bəxtəvərlik etdiyi zaman, səhərin şiddətli soyuqları onu daha bir başqa aləmə aparmaq istəyirdi. Əsən külək və yağan sulu qar Veranın bədənini bir buz parçasına döndərmişdi. Serjant İvanov balaca bir qızın ölümcül halda tapıldığını eşidərkən sevindi və dərhal: «Körpə ilə məşğul olmaq üçün bu qız göydən düşmə bir ne’mətdir» – deyə qızı öz tankına aldı. Bir az sonra tankçılar İvanovun tankının ətrafına yığışıb gülüşürdülər. İvanov isə barmağını dodağına qoyub: – Sakit! Sakit! Uşaqları narahat etməyin! – deyirdisə də, buna e’tina edən yox idi. Tankçılar yenə İvanovun tankının arxasına baxıb gülüşürdülər. İvanov bundan şübhələndi. O, dərhal maşından düşüb tankı yoxladı, özü də əlini qarnına qoyub güldü və bir daha tankın arxasına vurulmuş kağız lövhəni oxudu: «Serjant İvanov adına körpələr evi». Tanklar irəli hərəkət etmək əmrini almışdılar. Ağır tankın hərəkəti kiçik Veranı və körpəni nazlandırırdı. Hər ikisi şirin yuxu içində idi. Maşın 30 kilometr getdikdən sonra dayandı: Yemək vaxtı idi. Vera gözlərini açıb olduğu yerə diqqətlə baxdı, özünü dəmir bir qəfəsin içində gördü. Sonra özünün ağ bir mələfəyə bürünüb uzandığına diqqət verdi. Lakin qarşısında yağ, pendir, ağ çörək, ağzı açılmış konserv qutuları, qızarmış ət parçaları, isti kakao görəndən sonra bunu da bir yuxu hesab edərək iştah ilə yeməyə başladı. Körpə də üstünü açmışdı. O, təpik ilə Veranın böyründən vurduğu zaman Vera diksinib arxasına baxdı. Körpə ayaqlarını oynadaraq tərpəşəndə, Vera onun üzünə diqqətlə baxdı və dəlicəsinə körpəni qucaqlayıb: – Vovka, Vovka! Qardaşım? – deyərək bağrına basdı və ağladı. Serjant Veraya ata-anasının faşistlər tərəfindən öldürüldüyünü xəbər vermədi. Ancaq öz arvadına yazdığı məktubda belə bir cümlə var idi: «Nataşa, səni təbrik edirəm, indi bizim səkkiz yaşında Vera adlı gözəl bir qızımız, dörd aylıq Vovka adlı totuq bir oğlumuz vardır». * * * Xəstəxana Gənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı. Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi. Mayor bütün həyatında ana qucağı və ana nəvazişinin nədən ibarət olduğunu bilmirdi. Bu səbəblə də baş həkimin göstərdiyi məhəbbət onu sanki bir anda körpəliyə qaytardı və onun xəyalını uşaqlığın məs’ud günlərinə atdı. O, həzin bir səslə yavaşdan: – Eh, ana, – dedi, – dünyada sənin müqəddəsliyini tə’yin edə biləcək heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır. İndiyə qədər nə şairlər, nə də ədiblər həqiqi bir ananı canlandıra bilmədi. Sənin öz övladına bəslədiyin sevgi və məhəbbəti dünyada heç bir şey əvəz edə bilmədi. Sən öz övladın üçün hər şeysən. Ən səmimi sevgilər, ən coşqun, saf məhəbbətlər və vicdani sədaqətlər ana kəlməsində olan həqiqi mə’nanı ifadə etməkdən acizdir. Baş həkim bu sözləri xəstənin dilindən eşidərkən kövrəldi, gözləri yaşardı. O, ağ xalatının cibindən çıxardığı yaylıqla gözlərini sildi və nəvazişkar bir surətdə xəstəyə müraciətlə: – İndi sizi təbrik edə bilərəm. Şükür olsun ki, səhhətiniz özünüzə qayıtdı. Bədəninizdə heç bir şikəstlik və illət hiss etməyəcəksiniz. İndi ananıza da salamatlıq məktubu yaza bilərsiniz, – dedikdə, yenə də yaralının dodaqları bir-birinə dəydi və baş həkim onu diqqətlə dinlərkən bu sözləri eşitdi: – Çox təəssüf ki, anam yoxdur. Baş həkim xəstənin bu sözlərindən daha da kədərləndi. Yenə də onun fikirlər yorğunu olan bəbəkləri göz yaşlarının içində üzməyə başladı. Baş həkim həyəcanlanmışdı, o, sel kimi axan göz yaşlarını da artıq gizlədə bilmirdi. Palatada yatanlar artıq onun səsinə qalxdı, o tərəfə baxmağa başladılar. Gənc mayor gözlərini açıb diqqətlə həkimin üzünə baxdı. Həkimin baxışları onun nəzərini bir daha özünə cəlb etdi. Onun vaxtından əvvəl ağarmış olan saçları xəstəni xeyli zaman düşündürdü. Onun alnında nəqş olunmuş dərin cizgilər gənclikdə keçirmiş olduğu qara günlərin kədərli və qəmli tarixini bildirirdi. Qadının gənclikdə gülməyən zərif dodaqları mərmər heykəllərin cansız və qansız dodaqlarını andırırdı... ...həkim – onun anası, mayor da onun oğlu idi. * * * == Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab == Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab İranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir. Əş’ar Fəna hala düşmüş diyari-Əcəm, Pozulmağdadır rəsmi-talari-cəm. Düşüb şeşdəri-mətə iraniyan, Təzəlzülpəzir oldu taci-Keyan. Əsir baği-İranə badi-səmum, Solub gül, yaxınlaşdı əyyami-şum. Ələm saçdı gülzarə sərdari-ğəm, Hanı əndəlibi-nəsibi-şiyəm? Əcəlzar olubdur xiyabani-bağ, Xəlayiq olur lalətək sinədağ. Ələmpaş məhnətdi səhni-bahar Gülüstani-İran olur şurəzar. Olur xakə məhkum sərvi-çəmən, Gəzir əndəlibanə zağu zəğən. Hökumət həyula, xəlayiq zəbun, Məmalik pərişan, ələm sərnigun. Tutub qəbzeyi-kari hər natəmiz Qoparmışlar İranda bir rəstəxiz. Nə məclis, nə şura, nə bir əncümən, Bu darüssurur oldu darülməhən. Səni kim qılıb belə matəmsəra? Nə aləmdi bilməm, bu nə macəra? Necə qalmayım dami-heyrətdə mən, Ki, sən xaki-xun içrə aludəsən? Siyəhpuş məhnətdi iraniyan Bu nə qəmdir, ey noərusi-cahan? Nə tez cami-alami nuş eylədin? Nə tez milləti nilipuş eylədin? Nə tez söndü simayi pürzinətin? Hanı məclisin, noldu hürriyyətin? «Musavat» ilən qıldın islahi-hal? Dəmi-«Sur» ilən məhv olub qilugal Hanı «Sur», nərdə musavatiyan? Fəramuş olurmu Cahangir xan? Səida, göz aç, çox da xab eyləmə, Səfayi-behiştə şitab eyləmə! Dönüb bax bu İrana, ey namurad, Vətən getdi, məhv oldu ədlilə dad. Rəqib oldu həmxəlvəti-vəsli-yar, Gəzir millətin indi əğyarvar. Səfayi-behişti fəramuş qıl! Turabi-məzarı dərağuş qıl! Ki, ol xakin hər qəbzəsi xundur Ki, xuni-mücahidlə mə’cundur. Nikul etmə, əhdində ol payidar! Məzar içrə ol xaki qoy yadigar. Qiyamətdə baş qaldır ol xakilən, Bu xaki apar sineyi-çak ilən. Rəsuli-xudaya ver ol türbəti, Ona ərz qıl satdılar milləti. Qıl izhar: olmuş vətən çak-çak. Müsəlmana qalmış bu bir qəbzə xak. Səri-karı tutduqca divanələr, Yetir rə’si-məqsudə biganələr. Müxənnəslər olduqca məsnəd nişin, Qalır mübhəmiyyətdə şər’i mübin. Bu mollanüma, sər-səfidan dun Qılır taleyi milləti vajikun. Əsayi mürəssə, əbayi diraz, Mühilani-bədfitrətü firqəbaz Bacardıqca rəngin edib caməsin, Böyütdükcə fərqində əmmaməsin, Edib böylə tərvic şeytanlığı, Kənarə buraxmış müsəlmanlığı. Çıxıb da həyasızlar imandan, Nələr gör çıxarmışla qur’andan?! Deyib olsa məşrutə İranımız, Olur bərhəm islamü qur’anımız. Ey alimnümayi-həmaqətşüar, Edərdin bu İran ilə iftixar. Cəhalətdə qoydun müsəlmanını, Biyabanə döndərdin İranını. Çıxıb yerdən əflakə fəryadü ah! Nə qıldı sizə milləti-bikünah? Əya, sinfi-biar, alimnüma, Əya, xirqəpuşanü, qəlyanü cay! Dəxi salma islamə zəncirini, Dəxi qurma bu dami-təzvirini! Vətən getdi, qalmışla tədbirsiz, Əsiri burax sən də zəncirisiz. Vətən getdi, millət qalıb lailac, Qıl insaf, gəl sən də zənciri aç. Cahanda nə olmuşdu təqsirimiz Ki, məhvi-cahan oldu təsvirimiz? Gedir şə’ni-kaşaneyi-Pişidad, Hanı ol tacidaran valanəjad? Gəlib görsün İranı darülədəm, Bu əhfadı qılmışlar əshabi-qəm. Bu mə’murəni kimlər etmiş xərab? Hanı ol Kəyumərsi-alicənab? Hanı şah Təhmurəsi-karsaz? Firudinu, Huşnəgü ahəngüdaz? Hanı şah Cəmşid, sahib hünər, Mənuçehr, soltani-Keymürğvər? Hanı Zal tədbiri-Turanbəxş, Hanı Rüstəm, ol puri-ərbabi-Rəxş? Ki, İran üçün tökdü göz yaşını, Salıb xakə öz oğlunun başını? Hanı Tus, Kamusi-kərdünrikab, Hanı nozəru rəzmi-Əfrasiyab? Məzari-niyakani-əhdi-Keyan Olur ibrətəfzayi-iraniyan. Hanı heybəti-Kiyvi-sahibsənan? Səyavuşu-Kavusu-Mazandaran? Hanı Keyqubad, ol cahankəşti-pir, Firupərzi-zərqam, küdərzi-sir? Hanı tacidarani-qanunküzar, Keyəxsar, Fərhadu İsfəndiyar? Hanı Bijən, ol cam keytinümay. Fəramərzu, Darabu, Bəhmən, Humay? Göz açmazmı darayi-afaqgir? Yaxınlaşdı can versin İrani-pir! Fəramuşdur əhdi-Sasaniyan, Bu əhd üzrə kimlər qalır hökmran? Hanı şah Şapur, kərdunşikəst, Hanı Ərdəşir, ol təməddünpərəst? Bu əhvala qəbr içrə Tur ağlayır, Məzarında Bəhram-gur ağlayır. Hanı bəs ədalətli Nuşirəvan? Gəlib baxsın İrana qılsın fəğan. Hanı şah Mahmud, sahib kamal, Hanı ol sahibi çaru vala cəlal? Hanı Nadir, ol şahu valahəşəm? Vətən getdi, qoysun rikaba qədəm. Rəzalətlə təzkar olur adımız, Yavuqdur yıxılsın da bunyadımız. Gəlib gör riyakar zahidləri Ki, təkfir edirlər mücahidləri. Bu əşrarı birövnəgü biədəb, Verirlər müsəlmana babi ləqəb. Şəriət gedib əldə bid’ət qalıb, Nə iman, nə məzhəb, nə qeyrət qalıb. Behişti verən millətə puldur... Pul olsa hamı cürm məqbuldur. Pul olsa ibadətdi ətvari-zişt, Pulun yoxsa olmazsan əhli-behişt. Müsəlmansan ağaya versən təam, Təam olmasa küfrsən, vəssəlam! Axunda əgər gəlsə çayüçilov, Olur şövqilə millətə pişrov. Evində əgər görsə boş sufrəni, Yəqin eylə islam bilməz sani. Edər xəttini gündə dörd yol xəzab Olur gündə on siğədən kamiyab. Fəqirin pulun əxz edir biyəya, Yaxır şövqilən bollu rəngühəna. Ucalmış görüb xalqın əfqanını Ucaldır fəqət sovti-qəlyanını. İnanma ki, daim verir xəlqə pənd Bunun dini, imanıdır kəllə qənd. Cənab axund olsa çün xərsuvar, Alır dövrəsini xalq şəhzadəvar. Sürüb eşşəyi küçədə naz ilən, Səlamı alır nazik avazilən. Axundun əli kəf dutur busədən, Utanmır bu ətvari-mənhusədən. Xəlayiq uzaqdan olur xaksar, Kimisi ulağın inanın dutar. Axund eşşək üstündə bililtifat, Motal tək çəkib peysərin qat-qat. Axund hər zaman kim başın tərpədir Ulağın yatıb qarnı yerdən gedir. Girir taki bazarə baehtişam, Əyağa durur, baş əyir xasü am. Dalınca çəkib məscidə mərkəbi, Yetişəcək camaat dutur mərkəbi. Edib kibrli səcdəgahə nüzul, Rüku’ə, sücudə verir xeyli tul. Açan kimi mehrabda caynamaz, Durur əksəri-xalq bidəstəmaz. Namazın qurtardı çıxır münbərə, Qılır və’z biçarə mə’minlərə. Qılır münbəri-pakı biehtiram, Qılır xalqı hər ləhzədə ittiham. Dünən istəmiş olsa bir övrəti, Bu gün siğədən başlayır söhbəti. Kişi sağ olarsa alır dövlətin, Ölən kimi siğə qılır övrətin. Bilir müslümün irzü malın halal, Söyür xalqı şəhr üzrə biğeyli-qal. Dedikcə qayırma rəvayətləri, Salır damə bisahib övrətləri. Səida, qələmdə nə cür’ətdi bu? Yəqin et ki, bicə kitabətdi bu, Açılmışsa gər çeşmi bu millətin Qılar hifz min bəd heysiyyətin. Rzaqulu xanın tərcümeyi-halı Rzaqulu xan 48 sinnində bir milyonçu olub, Fransada Paris şəhərində hüquq elmindən mə’zun qurtarmışdı. Müşarulileyh İranın Paris səfiri İsfəndiyar xan Əminülmülkün oğlu olub 1286-cı sənədə 12 sinlərində ikən atasının məiyyəti ilə Paris şəhərinə getmişdi. 24 sinlərinə qədər Fransanın ibtidai və e’dadi məkatibində hazırlandığdan sonra məşhur Sorbon darülfünununa daxil olmuşdur. 28 sinninə yetişdikdə Sorbon daralfünunun hüquq şö’bəsindən qızıl nişan və iftixar ilə mə’zun olmuşdur. Rzaqulu xan ağıllı bir nəfər çıxıb, alim olduğu kimi, böyük və şöhrətli İran və Fransa ədibi sırasına da keçmiş idi. Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müəssir xitabələr ağızdan-ağıza dolaşaraq nəhayət jurnallara və qəzetlərə dərc olunardı. Rzaqulu xan 1302 sənəsində təhsilini qurtarıb İran səfərinə hazırlandığı sırada İranın Peterburq səfiri Mirzə Əbdürrəhimxan Saidülmülk Tehrana iste’fa teleqrafı göndərdiyi üçün İran hökuməti Rzaqulu xanı Peterburq səfarətinə də’vətə başlamışdı. Rzaqulu xan isə səfarət ümurində təcrübəm yox deyə səfarətdən büsbütün imtina edirdi, zira atası İsfəndiyar xan Paris səfarətindən, yainki büsbütün hökumət qulluğundan iste’fa etdiyi sırada nə qədər ki, İranda qanun əsası məşrutə yox isə hökumət qapısına yaxın düşmə, – deyə oğluna tövsiyə etmişdi. Rzaqulu xanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından ma’əda mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi, zira Rzaqulu xan ilə həm əqidə olan oğlu müsyö Lui də, Rzaqulu xan ilə məən İran səfərinə hazırlanmaqda idi. Darülfünunun tibb şö’bəsindən mə’zun olduğu gündən Rzaqulu xan müsyö Luini İran səfərinə təşviq edərdi. Zira Rzaqulu xan hər yerdə İranın doktora olan ehtiyacını deyib doktora böyük pullar və’d edərdi. Rzaqulu xan 1302-ci sənənin axırlarında öz doğulduğu və vətəni olan Təbriz şəhərinə gəlib doktor müsyö Luini də öz nişanlısı Liza xanım ilə məiyyətində gətirib Xiyaban məhəlləsində imarət və əşyayi-bettiyyə verib sakin etdirmişdi. Rzaqulu xan İranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. Rzaqulu xan kəndləri xaraba gördüyü üçün əvvəlcə kəndlərin üç sənəlik mədaxilini kəndlilərə bağışladığı kimi, öküzü olmayanlara öküz, toxumu olmayanlara toxum verərək əhalini kəndliyə məxsus bir məişətlə yaşamağa alışdırmaqda idi. Kəndlərin nəzafəti və bir para bidətlərin rəf’i üçün biçarə Rzaqulu xan sənələrcə çalışmağa başladı. Məsələn, övrətlərə saxta xal döydürmək, övrətlər kişilərə qarışıb toylarda oynamaq, kişilər bikar yatdığı yerdə övrətlər kişi yerində işləmək, cüt əkmək kimi işləri büsbütün ortalıqdan götürdü. Bundan sonra Nəsrəddin şahın zatinə xüsusi bir ərizə göndərib İnkiltərənin Tayms kompaniyasına verdiyi imtiyaz kimi bir imtiyaz tələb edib «İslahat» namında bir qəzetə nəşr etdirmək istəyirdi. Rzaqulu xanın bu ərizəsi isə o vaxtlar Tehranda çıxan rəsmi ruznamə olan «İran» nam ruznamənin hey’əti-təhririyyəsi tərəfindən məsləhət görülmədi, ərizə geri qaytarıldı. Nəsrəddin şah islahat hökumətdədir, hökumət özü islahata tərəfdardır, «İslahat» namində qəzetənin vaxtı hələ yetişməyibdir deyə cavab verdi. Bundan da naumid olduğundan sonra Brüsseldən beljik mühəndisi məşhur müsyö Dodu də’vət edib Təbrizdən Tehrana qədər bir tramvay-konka xətti çəkmək həvəsinə də düşdü. Buna cəhət yenə Tehran hökumətinə imtiyazdan ötrü ərizə göndərib bir tərəfdən də müsyö Dodun tədarükünü verərək yolun məsafətini və xərcini təxmin etdirməyə başladı. Otuz min tümən – 60 min manat – xərc olduqdan sonra yolu çəkmək dəxi mümkün olmadı. Zira Mirzə Ələskər xan Əminüssoltan yüz min tümən rüşvət istəyirdi. Müxtəsər, Rzaqulu xan hansı təşəbbüsə başladı isə də yarımçıq qaldı. Nəhayət, öz oğlanlarını və balaca Münəvvəri doktor Luinin övrəti Lizanın təhti-tərbiyəsinə ötürüb yavaş-yavaş nafe kitablardan İran dilinə tərcümə etmək üçün bir darüt-tərcümə tə’sis etdi. Rzaqulu xan böyük oğlu Pərviz xanı mühəndislik, kiçik oğlu Haçı xanı Berlinə məktəbi-hərbiyyəyə, qızı Münəvvər xanımı da yenə Parisdə mamalıq elminə göndərmək istəyirdi. Buna görə hər ildə otuz min tümən Təbrizdəki inkilis əmanətxanasına qoyub uşaqlarının xərclərini tə’min etmək istəyirdi. Avropa qəzetlərində İranın rəzaləti xüsusunda yazılan hər bir məqalə Rzaqulu xanı narahat edərdi. O cümlədən «Tayms» qəzetinin 8169-cu nömrəsində tələbə imzası ilə yazılan məqalə idi. O məqalədə İranın vəziri-hərbiyyəsi olan Süpəhdari-ə’zəm təhqir olunmuşdu. Rzaqulu xan İranda hansı işə iqdam etmək istədisə də müvəffəq olmadı, zira o vaxtlar bir milyon sərmayə ilə bir işə iqdam etmək istəyən zat haman pulu büsbütün hökumət kişilərinə rüşvət verməli idi. Bundan da əlavə Rzaqulu xana fe’l ilə, pul ilə müavinət edən deyil, qövlən, lisanən də müavinət edən yox idi. Fəqət bir-iki nəfər millətin nizamiyyə müəllimlərindən tibb müəllimi Məhəmməd Cəfər xan, elmi-həndəsə müəllimi Məhəmməd Mirzədən ibarət idi. Bunlar isə sair millətin üzvlərinin hökumətə verdiyi raportlardan qorxduqları üçün Rzaqulu xana yaxın düşə bilmirdilər. Rzaqulu xan həmişə hökumət kişilərinin əhaliyə olan zülmlərindən yazmağı üçün daima hökumət nəzərində müqəssir sayılırdı. Bir tərəfdəndə kəndlilər içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. Ancaq Rzaqulu xanı ən ziyadə məşğul edən övrəti Böyükxanımın tərbiyəsizliyi və tərəqqiyə qarşı zidd çıxması idi. Böyükxanım Rzaqulu xanı həmişə iqdam etdiyi işlərinə cəhət tənqid edərdi. Məsələn, övladının Lizanın təhti-tərbiyəsində olması onu ziyadə məşğul etmişdi. Ona cəhət daima Rzaqulu xanı tənqid və məzəmmət etməyə başlamışdı. Böyükxanımın tərcümeyi-halı Rzaqulu xanın övrəti Böyükxanım Kirman valisi Xudayar xan Səmsamüddövlənin kəriməsi olub, Böyükxanım iyirmi bir sinnində Rzaqulu xanın evinə gəlib 38 sinninə qədər iki oğlan, bir qız doğa bilmişdi. Böyükxanım özü ilə bərabər Rzaqulu xanın evinə yüz min tümən dövlət gətirdiyindən maəda heç bir başqa varisə malik olmayan atası bütün var-yoxunu vəfat elədiyi vaxt Rzaqulu xanın övladına vəsiyyət etmişdi. Böyükxanım ibadət və şəriət, şəriətin üstünə sonradan əlavə edilmiş bid’ətləri dost tutan bir qız idi. Çünki tərbiyəsi öz anasından, bir də xüsusi müəlliməsindən olmuş idi. Tərbiyət elmi-qur’an və başqa bir də üsul kitabları idi. Atası Xudayar xan Böyükxanımın müəlliməsinə qur’anda Yusif sürəsini ona oxutmağı mən etmiş idi. Çünki övrətin eşq və məhəbbət mə’nalı sözlərdən oxuması ona xoş gəlmirdi. Ondan əlavə məxsusi bir qur’an yazdırıb onda Yusif sürəsini yazdırmamışdı. Böyükxanım Rzaqulu xanın evinə gələnə qədər küçə üzü görməyib, övrət nədir, kişi hansı hüquqa malikdir anlamırdı. Böyükxanımın gördüyü bir məxsusi məscid və özlərinə məxsus hamamdan ibarət idi. Bundan da əlavə əttar Haçı Xürrəmin övrəti gəlib hər gün Böyükxanıma tikiş tikmək və sair ev adabı tə’lim edərdi. Böyükxanım əl tikişi tikməkdə mahirə olduğu kimi layiqli bir şəriət müəlliməsi də olmuşdu. Əmma Böyükxanımın misli bir hüsni-vəcahət sahibi o vaxtlar Təbriz mülkündə tapılmırdı. Çox gözəl idi. Mə’tədil qaməti, iri qara gözləri, nəhayət uzun və qara tükləri var idi. Parlaq nasiyəsini bir görən bir də görmək istər idi. Lakin onu görmək bir günün işığına, bir də gecənin o xoşbəxt qaranlığına mümkün idi. Qaranlıq Böyükxanımın qara gözlərini, qara zülflərini gördükcə daha da qaralıb, işıq dəxi işıqlı üzünü gördükcə daha da ziyalanırdı. Böyükxanımın yanına çox e’timad olunmuş qulluqçular buraxılırdı. Eşiyə çox az çıxar idi. Böyükxanım, atası ilə məscidə girdiyi sırada bir nəfər şairə təsadüf etmiş, Böyükxanım şairə dönüb baxdığı üçün şair onun haqqında farsi olaraq, dəxi bir qəzəl də inşa etmişdir. Haman qəzəli isə məktəbi-Loğmaniyyə şagirdlərindən Xosrov xan bizə göndərdiyi üçün burada yazılmasını münasib gördük. Qəzəl Toyi künun bexəto xalo hosno dilbəre-Təbriz Kirifte zivəri əz roxe to kişvəre-Təbriz. Beruyi-muyi bənakuşe şahu mahi-zəmini, Xoda soporde tora taco təxto əfsəre-Təbriz. Qiyamətəst, nə qamət, benaz əgər bexorami Yəqin tülu kənəd sobhe-ruze-məhşəre-Təbriz. Xətaye məhz bevəd kirəmət moqabele hura Xilafe-əql, behişt ər bevəd bərabəre-Təbriz. Bərayi-əhlinəzər çün to bigərino nəziri Nəzadə, baz gəzayəd yəqin ki, madəre-Təbriz. Qəzəlin sətri tərcüməsi Xətt, xal, gözəllik cəhətdən Təbrizin dilbəri bu gün sənsən, Gözəlliyi Təbriz vilayəti sənin gözəlliyindən almışdır: Bu birçəklərinlə sən Yer üzünün padşahısan, ayısan, Allah Təbrizin tacü-taxtını sənə tapşırmışdır. Naz ilə yeriş etsən sənin qamətin qiyamət törədər, Yəqin ki, Təbrizin məhşərinin sübhü açılar. Səni huriyə bərabər tutsam böyük xəta etmiş olaram. Təbriz də behiştə bərabər tutularsa əqlin xilafinə olar Nəzər əhlinin yanında sənə oxşayan bir şey tapılmaz, Təbrizin anası sənin kimisini doğmamışdır və doğmayacaqdır. Lakin bu qədər hüsni-vəcahət və şöhrətə malik olan Böyükxanım layiqli bir hüsni-xülqə malik olmadığı üçün ailə rəftarını əsla bacara bilmirdi. Gecə-gündüzdə bir saat öz sahibi ilə rəftar edə bilməz idi. Böyükxanım əvvəlki adətinin xilafına olaraq gəzməyə-dolanmağa övrətlərin içtimaına getməyi və kişi küzərkahlarına, xüsusən, vəliəhd timçəsinə getməyi, cümə axşamları, sahibəzamana getməyi nəhayət dost tuturdu. Məəhaza Rzaqulu xanı Böyükxanımın bu adətləri narahat etməyərək, fəqət övladının tərbiyəsinə mane olması vücudunu, fikrini büsbütün işğal etmişdi. * * * Təbriz şəhərinin havası və təmizliyi Yay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi. Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi. Bu vaxt Qulamhüseyn nökər də ruzkarın şiddətini görüb ağuşqaları basmaqda, qapıları qapamaqda davam edirdi. Rzaqulu xan isə gözləri örtmək, qulaqları qapamağın vaxtı keçdiyini mülahizə etdiyi üçün – Qulamhüseyn, ağuşqa, qapıları basma, aç! deyə əmr edirdi. Ruzkar daha da şiddətlənib şimal tərəfdən şəhərə hücum edən tufanlı ruzkar Abbas Mirzə tərəfindən bina olunub, haliyədə vəliəhdin Şəmsülimarəsi olan binaya toxunub külahfirənkini yıxıb yer ilə yeksan edir. Bu kurultu yalnız Rzaqulu xanın ailəsini deyil, bütün şəhəri, bütün əhalini çulğalamışdır. Zira hər məhəllədə üç qəbiristan olduğu üçün köhnə qəbirlərdən çıxan üfunətlər xalqın dimağına dolub böyük mərəzlər ehdas edirdi. Qəbir daşlarında qoyulan çürümüş tabutlara məhəllinin xırda uşaqları at kimi səvar olub əlində bir ağac taqqa-taq vurub, İran camaatı üçün ancaq bir çürümüş tabut qaldığını e’lan edib də uşaqların tərbiyəsizlik üzündən indidən ölüm atına səvar olduğunu faş edirdi. Şəhər tamam kurultu içində qalmışdı. Ancaq bu səslərdən təhəkküm, təkəbbür, təcəbbür sədaları çıxır. Filhəqiqə İran bir rəstaxiz, bir qiyamət meydanına dönüb, yainki Hun tayfası Asiyadan köçür kimi yol üstlərindəki əhali qalxışıb aləmdə mühacirəti-ümumiyyə başlamış kimi nəzərə gəlir. Yainki İran bir qətlkah, bir hərbikaha bənzəyir ki, hər kəs övladını, uşağını aramaq üçün qalxmışdır. Bir tərəfdən istibdad, bir tərəfdən istimdad sədaları eşidilir. Ancaq ruzkar o şiddət və tə’sirində davam etməkdə idi. Rzaqulu xanın fikri filhəqiqə bu kurultulardan şaşıb yenə qələmini barmaqları arasına alıb qabağındakı Paris xəritəsini mülahizəyə başlamışdı... Fikrilə Parisi siyahət edirdi. İranda olduğunu tamamən unutduğu sırada Böyükxanım birdən-birə qapını çırpıb içəri daxil olduqda Rzaqulu xanın gözlərindən sirişki-təhəssür axmağa başlamışdı. Zira İranın mazisini, istiqbalını düşündükcə ağlamaqda heç vaxt xuddarlıq edə bilmirdi. Gözlərindən axan sirişki-təhəssür Paris xəritəsinə tökülüb Fransanın o əzəmətli şəhərini seylab içinə buraxmaqda idi. Böyükxanım isə otağın yuxarı başında qnape üzərində uzanaraq ayağının birisini qaldırıb digərinin üstünə qoymuşdu. Gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. Əllərini qaldırıb daldan başının altına qoyub qara gözlərini evin aynabənd səqfinə açıb hər baxdıqca hər tərəfdə yüzlərcə qara gözlər, qara zülflər görüb, gah da başını titrədib aynada öz şəkli ilə oynayırdı. Ondan sonra başı üstündən aynanı götürüb fitnəçi gözlərini aynaya açıb baxırdı. Fəqət o qara gözlərin insaniyyətçə nə qədər kəcbin olduğunu düşünmürdü. Gah qara tükləri aynanın qabağına açıb tükün altından gün kimi parlayan nasiyəsinə baxıb göz mərdüməkinin cazibəli hərəkəti Böyükxanımın öz qəlbin də cəzb edərək sadəqəlb İran övrətini öz-özünə aşıq-mə’şuq etmiş idi. Ondan da öz saf və billurun sinəsini, öz qəlbinin nahiyəsini aynaya açıb öz tənasübi-əndamına baxıb, baxıb balidələnirdi. Əfsus, o saf qəlbin, o billurun sinənin cəhalət və əsəbiyyətlə məşhur olduğunu əsla düşünməyib sinəsinin zahiri təravətinə şaşıb qalırdı. Otaqda bu vaxt başqa bir səs yox idi. Vətənin fikrilə, millətin qüssəsilə məşğul olan Rzaqulu xandan bir ufff, öz hüsni-vəcahət və tənasübi-əndamına aşiq qalan Böyükxanımdan da suzişli bir ah sədası eşidilirdi. Böyükxanım böyük kədərlə aynanı yerə tullayıb yenə bir ah deməklə ağlaya-ağlaya deyirdi: «Allah, görəsən mənim kimi bədbəxt övrət, kəmtale övrət xəlq eləmisən? Baxıram gözəlliyimə, hüsni-vəcahətimə, valeh oluram. Baxıram bu bədbəxt sahibimə naxoş isə də boy-buxunu, qəddü-qaməti Təbrizdə məşhurdur; mal-dövlətimiz, ev-eşiyimiz Təbrizdə vəliəhddən başqa heç kəsə müyəssər deyil! Baxıram ər və övrətlikdəki rəftarımıza zəhləm gedir, bağrım çatlayır... Xudavənda, məgər məni dərd, qəm çəkməyə xəlq eləmisən?! Bu bədbəxt sahibim bir bəla olub mənim boğazıma keçib, gecə saat iki çaldıqda yatıb, amma necə yatmaq? İşi olub ah çəkmək, «yazıq millət, heyif vətən» demək, ağlaya-ağlaya yuxusu aparır. Yenə saat beşi çaldıqda durub namazını qılıb, çöküb bu yazı stolunun başına, yazır ağlayır, oxuyur ağlayır, nə bazara çıxır, nə mülkünə baxır. Nə sair ağalar kimi kəndlərin başının üstünü kəsib mədaxilini cəmləyir, nə övrətçi övrət bilir, nə də övladını övlad. Var-yox üç nəfər uşağın da başı dinc olmaqdan ötrü oturub murdar firənglərin evinə. Dünyanın pulunu xalqın cibinə doldurur, vəhalon ki, doktorun övrətinə bir ay verdiyi pulları bir mollaya versə uşaqlara ömrü olunca dərs verər». Böyükxanım bir çox öz-özünə danışdıqdan sonra durub yaxına gələrək əlini Rzaqulu xanın çiyninə qoyub hərəkət verib deyirdi: – Bir mənə bax görüm? Ay evin yıxılsın. Məgər dünyanın bütün qüssəsini gərək sən çəkəsən?! Axır canıva rəhmin gəlsin, bir saat rahat ol! Bədənin yuxusuzluqdan məhv oldu. Sənin nə işin vardır ki, iranlılar dərs oxumadı? Müsəlman dalı qaldı? Mənə heç rəhmin gəlmir?! Qardaşım yox, atam yox, varım-yoxum üç uşağımdır, onları da əlimdən alıb canlarına qara qabar düşmüş Lizanın çırağının kölgəsinə oturmusan ki, nə var Təbrizdə bundan ağıllı övrət tapılmır. Dünən doktor sənə demədi ki, yuxusuz qalma? Dünən heç bilirsən Ağa müctəhid minbərdə nə deyirdi? Görmürsən müctəhidin hökmünə görə camaat bizim nökərə şey də satmaq istəmir? Bəs bunları eşidə-eşidə yenə bizə nə üçün rəhmin gəlmir? Məclisə gedə bilmirəm, hamama, məscidə gedə bilmirəm, hər kəs görür məzəmmət edir. Allah məni öldürsün, qurtarım, mən razı olmayacağam gözüm görə-görə Liza uşaqlarımı məzhəbdən çıxarsın. Rzaqulu xan Böyükxanımın cahilanə söhbətinə diqqətlə qulaq verirdi. Böyükxanım sözünü qurtardıqda Rzaqulu xan Böyükxanıma tərəf baxıb deyirdi: – Övrət, çox cahilə imişsən! Kaş mən İrana gəlməmiş olaydım. Sən də bir başqa iranlıya övrət olaydın, qəlbin istədiyi kimi iranlı ilə rəftar və təəyyüş edərdin. Qüssə etməzdin, bu qədər məslək münaziəsi, əqidə mübahisəsi də ortalığa sürülməzdi. Söz yoxdur ki, sən məni yaxşı istəyirsən. Mən də səni səadətli bir övrət istəyirəm, lakin mənimlə sənin məhəbbətin arasında böyük bir fərq vardır. Sən məni başqa iranlılar kimi çalıb oynayan, mütrüb sazəndə ilə gecəsini sübh edən istəyirsən. Burası mənə lazım olan işlərdən deyil! Mən isə səni Təbriz övrətləri kimi dəllaləzən mətayi hesab etməyib, ailə xanımı, uşaqlar anası, tərbiyəli, ədəbli bir övrət etmək istəyirəm, bu da sənin işivə gəlmir. Mən vətən, millət, insaniyyət aşiqiyəm, sən isə əsəbiyyət, bid’ət, müzəxrəfat məftunu olub da öz həyatını səfalətə sürükləmədən bir an geri durmursan. Heç bilirsən keçən həftə gələn Paris qəzetləri şahın Paris səfərinə dair nələr yazıblar? Heç bilirsən qibleyi-aləmin məiyyətində olan alçaq hökumət mə’murları iranlı adını nə tövr rüsvay ediblər? Eyvah! İndi Parisdə tə’rif etdiyim İranın alçaq mə’murlarını biixtiyar və yaxud mə’murların nüfuzu altına keçmiş zavallı hökmdarı görüb mənim dalımca darülfünun rəfiqlərim məsxərə ilə gülürlər. Böyükxanım, mən vəsiyyət edəcəyəm övladım İranda qalmasın, madam ki, İranda qanuni-tənzimat yoxdur, İrana qayıtmayıb təhsil etdikləri məhəldə qalsınlar. Vətənlərində məşrutə sədası çıxarsa onlar da gəlib öz canlarını vətənlərinin salamətı yolunda qurban etsinlər. Sən isə bu evdə əyləşib övlad müntəziri olma! Məşrutənin müntəziri ol! Çünki məşrutə olmazsa övlad üzü görə bilməyəcəksən. Mən ki, İrandan və iranlılardan naümid deyiləm. Bu millət bir vaxt ayılıb da öz hüququnu axtaracaq. Nə fayda ki, İranda o vaxt əcnəbilərə verilməmiş bir imtiyaz da qalmayacaqdır. Sən insaf sahibəsi isən mənim övladımın tərbiyə və təhsilinə mane olma. Mənim yəqinimdir ki, bundan sonra elmsiz, tərbiyəsiz insanın heyvanca da qədr və qiyməti olmayacaqdır. Böyükxanım bu sözdən daha da açığlanıb: düzünü deyirəm, hərgah mənim övladımı firəng evindən çıxarmasan mən bir saat bu evdə qalmayacağam, deməkdən çəkinmirdi. Zavallı Rzaqulu xan heyrətindən rəngi təğyir tapıb deyirdi: böyük cəhalət səndə təbiilik dərəcəsini almış, təbiət təbdil olunmaz, nə fayda, mən səni təzyiq və tənbih edəcək iste’dada malik deyiləm. Rzaqulu xan yalvardıqca Böyükxanım göz qapaqları bir-birinə çalıb hərdən bir qətrə göz yaşı atır-dı, bu isə Rzaqulu xanın söhbətinin ona bir az da olsa tə’sir etmədiyini bildirirdi. Axırda uca səslə ağlayaraq zərrinə mə’cərini gözlərinə basıb durub yenə əlini Rzaqulu xanın çiyninə qoyub deyirdi: hərgah sənin bu şirin dillərin olmasaydı, mən bir saat da bu evdə qalmazdım. Əvvəlcə sənin hüsnü-vəcahətin və gözəl müsahibətin səbəbinə sənə məftun oldum və hər kəsdən ümidimi kəsib sənə pabənd oldum. Əlbəttə, mənim o eşqim, o məftunluğum səhv və yanlış da deyil idi. Sən xalqın tə’rif etdiyi sirət və sifətlərdən də maəda hüsni-əxlaqa, vəcahətə malik imişsən. Heyif olsun ki, sən İranda yaşamaq üsuluna büsbütün biganəsən. Sən İranda həmişə qüssə içində yaşadın. İndi sənin vücudun müəzzəb, ruhun pərişan, hissin məflük bir hala girmişdir, sima və çöhrəndə olan təravət kimi, solğun yanaqlarında ancaq bir sadə qırmızılıq qalmışdır, bütün vücudun dəyişmiş, vəcahətin itmiş, bunların cümləsini qayıb etmiş isənsə də, bu qədər hüsni-siyrət, əxlaq və müsahibətə malik olmusan. Söhbətin daha şirin, daha da məlih olmuşdur. Mən sənə dövlət və sərvətin cəhətinə övrət olmazdım. Zira İranda başqa milyonçular da çoxdur. Atamın təşviqi və öz məftunluğum cəhətinə sənə əsir oldum. Rzaqulu xan bu sözdə fürsət görüb: – Böyükxanım, atan səni mənə əsir olmaq üçün nə deyib təşviq edirdi? – Atam səni təvsif edib, Rzaqulu xan Parisdə belə öz milli qiyafətini qayıb etməyib, hər yerdə iranlıyam da deyib fəxr edirdi, – deyə məni sənə verməyə razılıq göstərdi. Əlbəttə sənin elmin çoxdur, amma İrana yaraşmır. Bu elm yaxşıdır. Amma Parisdə lazımdır. İranda firəngcə nə gərəkdir? Sən özün demirdin ki, Əmir Bahadır farsıdan başqa cəmi lisanları gərək əcnəbilər ilə mütərcim vasitəsilə danışsın? Çox yaxşı, onun elmi yoxdur, vəzir olub? Sənin oğlun da dərs oxudu, oldu vəzir. Sən özün demirdin ki, Əmir Bahadırın dalınca küçələrdə beş yüz nökər gedəndə heç olmasa beş yüz də tələbkar qarışıb gedir? Yainki oğlun oxudu oldu mühəndis. Görmədin Abbas xan mühəndis Kurdəşt qəl’əsini müayinə üçün gedəndə yol xərci də yox idi? Çox yaxşı, Münəvvər gedib oxudu, oldu mama, insafdır ki, sənin qızın gedib birisi bir qran pula itin-qurdun uşağını doğuzdursun? Bu sözlərdən Rzaqulu xan təngə gəlib dedi: – Böyükxanım! Əmir Bahadır vəzir deyil. Ancaq basəliqə bir dəlləkdir. Ülgücünü itiləyib başlayıb İran əhlinin başını qırxmağa. O ki, mamalıq, mühəndislikdir, səni asan vəchlə başa sala bilmədiyim üçün danışmaq da istəmirəm. Mamalıq dərsi oxumaq sənin qızın Münəvvərə həqarət deyil. Bu elm oxumaqla Avropa padşahlarının saraylarında olan xanımlar belə fəxr etməkdədirlər. – Mənim dövlətimin rahətini Liza eləsin, mən burada dərd-qüssə çəkim, bu da allaha rəvadır? Bu saat sənə deyirəm, yaz mənim uşaqlarım gəlsinlər. Əqəllən həftədə bir üzlərini görüm? – Ona sözüm yoxdur, Qulamhüseyn gedib izn alıb gətirsin, amma Lizaya verdiyim pullar onun öz haqqı zəhmətidir. Onun mənim övladıma verdiyi tərbiyətin qiymətini heç bir iranlı yəqin və təxmin edəməz. – Allah mənim atama insaf versin ki, məni öz əlilə odlara yandırdı. Dünyada nə üzüm güldü, nə də bir gün şad oldum. – Böyükxanım, məndən rəncidə olma! Hərgah mən də sənin atan kimi övladımı cəhalət içində məhbus edərsəm, onları hər kəs görərsə, mənim ruhuma lə’nətxan olacaqdır. Bu saat mən bilmirəm səni islah edim, övladımı tərbiyə etdirim, yainki vətənin halına ağlayım? Bir saat belə söhbətlərdən sonra qapı açılıb Qulamhüseyn poçtadan qəzetləri gətirib Rzaqulu xanın qabağına qoydu. Rzaqulu xan bütün söhbəti boşlayıb «Tayms» qəzetini açıb oxumağa başladı. Rzaqulu xan qəzeti açdıqda İran istiqrazı ünvanlı sərməqaləni oxuyur, bədəni titrəyir, rəngi qaçıb, nəhayət qəzeti yerə atıb, heyif gözəl vətən, parça-parça əcnəbilərə satılmağa başlandın, – deyərək şiddətlə bir çox ağladıqdan sonra qəşş aləmində səndəldən yıxılır. Qulamhüseyn nökər və sairin xanın qoltuğuna girib bir növ ilə yatağına gətirirlər. Bütün əfradi-ailə bir-birinə qarışmışdı. Çünki Rzaqulunun nəfəsi çox ağır və tə’xirlə çıxırdı və bədəni soyumuşdu. Qulamhüseyn nökər başına çalıb deyirdi: – ağam tamam oldu, qapımız bağlandı. Bə’zi kənizlər və nökərlər də Rzaqulu xanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. Ancaq Böyükxanım da doktorun evinə adam göndərib bir saatlıq qonaq bahənəsilə uşaqlarını oradan qurtarmaq istəyirdi. Qulamhüseyn nökər başına çalıb deyirdi: – Ağa, allah sənin əcəlüvü mənə versin, uşaqların yazıqdır. Mən yetim nökər, bilirəm sənin qəlbində nə qədər arzuların vardır. Qaravaşları Səkinə başının tüklərini yolub deyirdi: – Böyükxanım, evin yıxıldı, qapın bağlı qaldı. Get əynivə qara libas geyib öyüvə qara çək, ağam öldü. Rzaqulu xanın evini ağlamaq sədaları doldurmuşdu. Amma Rzaqulu xanın huşu, hissi yavaş-yavaş düzəlməyə üz tutduğundan ağlamaq sədalarını hiss etməyə, hər kəs yə’ni əfradi-ailəni şiddətini tə’yin edə bilirdi. Hərdənbir həzin səslə deyirdi: «Qorxmayın, ölməmişəm, amma bir az su gətirin içim». Qulamhüseyn nökər su gətirib deyir: ağa, allah bizə rəhm elədi, təzədən verdi. Rzaqulu xan suyu içdikdən sonra balışa təkyə edib yavaş-yavaş göz yaşı tökməyə başladı. Bu vaxt Böyükxanım gülə-gülə otağa daxil olub deyirdi: xan, vallah bilmirəm sən nə xasiyyətdə adamsan ki, hər gün gərək bizim ürəyimizi tökub bağrımızı yarasan... İndi ki, xasiyyətin böylədir, gərək bu zəhrimara qalmış qəzetləri oxumayasan.. Allah eləməsin, başıva bir iş gəlsin, heç bilirsən bu mal-dövlətin üstündə bizim başımıza nə iş gətirəcəklər? Rzaqulu xan mal-dövlət adı eşidəndə gülüb deyirdi: Böyükxanım, eyib etməz, mən öləndən sonra qoy dövlət də dağılsın. Mənim dövlətim İrandan qiymətli deyil, görürsən ki, İran da dağılmağa, əcnəbilərə satılmağa başlanmışdır. İran mənim Münəvvərimdən də, iki oğlumdan da mənim yanımda əzizdir. Bu qoca, bu şanlı hökumətin əvvəlinci dəfədir ki, istiqraza əli açılmışdır. O da nə tövr rəzalət, nə tövr həqarət ilə! Kömrüklər də, yollar da, bundan başqa mütəəddid imtiyazlar da bu sayədə əcnəbilərin yədi-təsəllütünə keçdi. Vətənimiz müharibəsiz əcnəbilərin işğalı altına keçəcəkdir. Müharibə etmədik, amma əsir düşdük, qollarımız bağlandı. Demək ki, İranın qapısı bağlanıb, kilidi, açarı əcnəbilərin cibinə salındı. İstiqlali-milliyəmiz arzumuz kimi yarımçıq qalır. Bu söhbətlərdə Böyükxanım da yataq otağının o tərəf-bu tərəfinə gedib deyirdi: – Aləm bunun halına gərək ağlasın. Bu da başlayıb iyirmi kürür. İran əhlinə ağlamağa, hamısının peysərləri, boyunları tir kimi yoğunlaşmış. Amma özünün bədənində bir damcı qan yox, özünün də burnunu tutsan canı çıxar. Atasının qapısı bağlı qalır, ona ağlamır, özü də olub xalq içində bədnam. Oğlunu, qızını de verib murdar firənglərin qoltuğuna, durub özü də xalq üçün ağlamağa. Gah başına vurur, gah qəşş edir. Vallah bilmirəm mənim bəxtimdə nə var ki, bu tövr zəhlə gedən işlərə rast gəlirəm. Deyəsən rəhmətliyin balasını xalqa vəkil seçdilər. Sən allah bir bunun xəyalatına bax! Padşah borc elədi; mə’dənlər, kömrüklər, yollar getdi deyir... Deyəsən bunun atasının malıdır. Gül başıva olsun, müctəhid öz behişt kimi kəndlərini basıb yeyir, qalmısan aciz, başlamısan padşahın dərdinə qalmağva. A kişi, bir əqlin başıva gəlsin Təbrizi bizə güldürmə! Rzaqulu xan Böyükxanımın bu sözlərinə əbədən məşğul olmayıb allaha yalvarırdı: «Xudavənda, bizi sən nə vaxt əsirlikdən qurtaracaqsan? Biz Şərq camaatı əsirliyə bundan artıq da dözə bilmərik. İlahi, biz sənə hansı əməlimizlə asi olduq ki, ümənayi-dövlət bizim qolumuzdan tutub həbəş əsirləri kimi əcnəbilərə satdılar?» Bu halda qapı açılıb Qulamhüseyn nökər xəbər verdi ki, doktorun oğlu və qızı ilə bahəm xanın övladı dəxi təşrif gətirdilər. Bundan sonra Rzaqulu xan yazıxanasına keçib məktubat oxumaqla məşğul olmaq istəyirdi. Böyükxanım isə qəzetləri və məktubatı gizlədib ancaq Naxçıvan şəhərinin müəllimi Məhəmməd Tağı Sidqinin tərəfindən yazılmış bir məktubu stolda buraxmışdı. Rzaqulu xan məktubu açıb Sidqi mərhumun İrana dair yazdığı bir neçə fərd əş’arı oxumaqla daha da qəmgin olmaqda idi. Şe’rlər çox əhəmiyyətli olduğu üçün Rzaqulu xan məktubu bağlayıb, öz cibinə qoyub, yenə başlayıb ah çəkib ağlamağa... Kar pərişan, kargah pərişan, Təxt pərişan, bargah pərişan. On ke dəri-xod nəmud məcməi-ovbaş Xast buvəd bargahe-şahe-pərişan. Bolboli-golşən ze covre-xar benale Bağ pərişan, gol, geyah pərişan. Əz əsəre-xameyi-səfid libasan Dəftəre-islam şod siyah, pərişan. Molke-mələk əz mələikane-zəmini Gah moşəvvəş şodəst, gah pərişan. Ayneyi ke jənk əzui nə zedayən Çeşm dər u mikonəd nekah pərişan. Şobhe nədarəd dər in soxən bəhəqiqət Kah cahan şod ze eştibah pərişan. Qafilesalar həm dəlil be şeşdər Qafile mat əst şahrah pərişan. Məmləkətira ke fəqro-faqe səravərd Mişəvəd ongah izzü cah pərişan. Ləşkəre-qəflət be hər koca ke ələm zəd Gəşt dər on məmləkət sepah pərişan. Del ze təməddon xoşəst çon konəd in del Gər mədəniyyət şəvəd təbah pərişan. Əvvəli-İran ço şod be vav mobəddəl «Sidqi» əz in qəm kəşide ahi-pərişan. Rzaqulu xanın qızı balaca Münəvvər xanım əli doktorun, Olqa xanımın əlində, onun dalısınca Rzaqulu xanın hər iki oğlanları doktorun balaca oğlu Jorjun əlindən yapışıb evə daxil olur. Münəvvər xanım bir ay müddətdir ki, anasını görməmiş, kəsrəti-sürurunda çöhrəsi getdikcə qızarır, parlaq nasiyəsindən həya təri yuvarlanıb səssiz bir şrapnel parçası kimi qabağında partlayır. Amma anasını bir yerdə görən rəqiq qəlbli balaca Münəvvər gah gülüb, gah ağlamaq istəyirdi. Münəvvər xanımın özü və gözəl yoldaşı təzəcə pərdəsini atmış qönçələr kimi otağı ziynətləndirib, o canlı şükufələr qabaqca Rzaqulu xan ilə əl tutub sonra Böyükxanım ilə də görüşürlər. Münəvvər xanım anasını öpməyə başlayır. Olqa xanım da Rzaqulu xanın bərabərində olan qoltuqlu bir səndəldə əyləşib söhbətə başlayır. Oğlanları dəxi bərabərlərində Jorj, ataları görüşdükdən sonra analarının yanına gəlib öpüb onu nəvaziş edirlər. Böyükxanım evin vəsətində döşək üstündə aydan işıqlı olan, fəqət ətrafı bir zülmətlə mühat olan camalı ilə əyləşmiş... Ətrafını ulduzdan işıqlı, elmli, zəkavətli oğlanları və qızı əhatə etmiş, kimisi qolunu ananın boynuna salıb öpür, kimi zarafatla cibindən parasını alır, kimisi qızıl və cavahir nişan gərdənbəndini açmaq istəyirdi. Kimisi təsəlli olaraq deyir, ana, atama hörmət elə, səni asudə eləyib ki, bizi bu zəhmətli vaxtımızda özgənin boynuna salıbdır. Münəvvər xanım isə deyirdi: – Ana, qüssə eləmə, hərçənd indi sənə bu ayrılıq çətin gəlir, amma, bir vaxt olacaq ki, o zəhmətin, o ayrılığın çox şirin səmərəsi olacaqdır. Çünki sonra biz elmli, mə’rifətli olub iranlılara müavinət edəndə sən özünü bəxtiyar hesab edib əhali içində iftixar edəcəksən. Zira o vaxtlar elmsiz kişi və övrət büsbütün qədru-qiymətindən düşəcəkdir. Camaat övladının tərbiyəsiz, elmsizlik qüsurunu bütün-bütünə ata-ananın boynuna salacaqlardır; o vaxtlar sən də və atam da bu tövr töhmətlərdən, sərzənişlərdən asudə olacaqsınız... Böyükxanım şiddəti-cəhalətindən bu sözlərə qurumuş qalmış nə danışmaq, nə də ağlamaq və nə gülmək iste’dadına malik deyil idi. Ancaq Münəvvərin başına əl çəkib, gah-gah əmcəklərinin arasına alıb təngdər-ağuş edirdi. Oğlanları dübarə Böyükxanıma təsəlli verib deyirdilər: sən bizi hərgah dünyada rahat istəyirsən gərək bir beş il ayrılığa səbr edəsən. Bu halda Böyükxanımın dili açılıb deyirdi: – Bu elm sizi rahat etməz, bir az da atanız kimi əziyyətə salar. Hərgah Firəngistana getmək olmasa idi, atanız bu hala da gəlməzdi. Rzaqulu xanın oğlu Pərviz xan bu sözdə anasının sözünü kəsib deyir: – Ana, indi bizim vətənimizin ehtiyacı çox böyükdür. İndi bu ehtiyac onu təqaza edir ki, iranlılar Avropanın işıqlı yerlərinə gedib bu qaranlıq İrana bir işıq götürsünlər. Yə’ni bir az elmli olub, gəlib sair qardaşlarını cəhalət qaranlığından qurtarsınlar. Doğrudur, sən bizim anamızsan, lakin bizim həqiqi anamız da İrandır. Çünki bizim ətimiz, qanımız bu torpaqdandır. Görürsən əcnəbilər bu madəri-həqiqinin namusuna, ismətinə həqarət əli uzadır. Bu tövr xəyanət əllərini vurub qaytarmaq üçün iranlılara elmli bir əl lazımdır. Ana, sən razı olursan ki, biz sənin yanında rahat olaq, amma vətənimiz qurban hissəsi kimi parça-parça paylansın? Biz öz yerimizdə bixəbər oturduğumuz sırada əcnəbilər bizi təqsim edirlər. Qoyun kimi biz biçaq altında çapaladığımız sırada qəssab qarnımızda yağı təxmin etməkdədir... Böyükxanım burada oğlunun sözünü kəsib deyirdi: – Oğlum, sən allah, bu sözləri danışıb adamın ürəyini əzmə, adam az qalır özlüyündən çıxsın. Kimin ağzı nədir İranı parça-parça bölsün? Budur Təbrizdə hər yana baxırsan sərbazdır, bazar dalında, hamam qabaqlarında, ha sərbazdır ki, görürsən günə qarşı oturubdur. – Ana, bu vətənimiz gedəcək; qorxuram ki, İran adı ancaq bir vaxt kitablarda oxunsun. Vətənimizin hüdudu daralmış, hüdudumuz budur padşahlığın mərkəzində, arasında qərar tutmuş. Bu sözlərdə Rzaqulu xan ağlamağa başlayıb deyirdi: – Söz yoxdur ki, bu millət bir vaxt gözünü açıb öz hüququnu mülahizə edəcək, nə fayda ki, o vaxt nə İran qalacaq, nə də istiqlal! Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. Zira Münəvvərin başında Paris qızlarına məxsus son moda, napolyonu şlyapa, şlyapanın yaşıl və zümrüdi lentləri Münəvvərin dalısına tökülən siyah türrələrə sarışıb, Münəvvərin bəyaz və parlaq nasiyəsinə bir rəngi-zümrüdi əlavə etdikdən sonra çiyninə döşənmiş, həyasından, daha ədəbindən, yaxud ağlamağın tə’sirindən bəyaz çöhrəsi yavaş-yavaş tutulmağa meyl edən ay kimi qızarmağa başlayıb. Daha ağuşqanın şişələrindən Münəvvərin üzünə tabidə olan günəş dəxi bir başqa tamaşa, bir başqa mənzərə açırdı. Şlyapanın altında görünən qara bulud misallı zülfləri parlayan nasiyəsinə bir rəngi-siyahi vermək üçün cüstcu edər kimi görünürsə də, lakin gün düşmüş lentlər ziynət vermiş tər, şəbnəm kimi tökülür. Kuya havada yavaş-yavaş qövsi-qüzəh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. Üstündə Şvetsariya qızlarına məxsus pelerina palto, ayaqlarında sandalı başmaqları gördükcə əvam, aləmi-bəşəriyyət və istirahətdən bixəbər Böyükxanım öz-özünə deyirdi: – Evin başıva uçsun Rzaqulu xan, bax gör gül dəstəsi kimi balalarımı Liza nə hala salıb? Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib uşaqları təhərdən çıxarırsan!» Əvam, hətta qur’anda Yusif surəsini də oxumayan Böyükxanım gözlərini dolandırıb oğlanlarına baxıb daha da dilgir olurdu. Başları tüklü, Liza öz əli ilə tüklərini düzəltmiş, başlarında nazik tehrani papaq, üstlərində nazik ingilis trikosundan palto, döşlərinə asılan riqat çiçək kimi hər baxan insanı fərəhləndirəcək dərəcədə isə də əvam Böyükxanımı ziyadəsilə dilgir edirdi. Öz-özünə deyirdi: «Ay evin yıxılsın Rzaqulu xan, gör bu çin-şəyatin paltarı mənim balalarımı nə hala salıb? Xalqın da balası vardır, görürsən yaxşı nizami paltar geyib, əllərində gözəlcə həna, üstlərində qiymətli Kirman əbası, biz də pul verib uşaqları quli-biyaban qayırmışıq». Bu vaxt nahar vaxtı olub nahar otağında süfrə açılıb, Qulamhüseyn nökər içəri girib: ağa, buyurun nahar hazırdır, – deyə xəbər verdi. Onda Rzaqulu xan, oğlanları, doktorun övladı nahar otağına girdilər. Lakin Münəvvər xanımla anası Böyükxanım Rzaqulu xan ilə nahara getməyərək öz nahar otağına getmək istəyirdi. Rzaqulu xan qayıdıb Böyükxanıma yalvarıb deyirdi: – Böyükxanım, təvəqqe edirəm Münəvvəri də götürüb gələsən, mən də qonaqların yanında xəcalət çəkməyim. Sən hər yerdə məni xəcalət eləmisən, amma burada sözümü qəbul elə! Böyükxanım: – Mən bilə-bilə qəsdən özümü cəhənnəmdə yandırmaram! Mənim nə işim vardır öz ata-baba qaydamı qoyub çəngəl-biçaq ilə çörək yeyim, özümü murdar eləyim! Rzaqulu xan Böyükxanımı aparmaqdan naümid oldu. Lakin Pərviz xan razı etməyi dərəhdə etdiyindən gəlib qolunu anasının boynuna salıb yalvarırdı: – Ana, bax bir aydır ki, səninlə çörək yeməmişəm, məni istəyirsən dur gedək, babamın otağına, biz də ana və ata ilə bir yerdə çörək yemək ləzzəti görüb fərəh edək. Pərviz xanın şirin dilləri Böyükxanımı razı elədi. Münəvvər xanımı da götürüb nahar otağına təşrif gətirdi. Bir tərəfdə özü də, Münəvvər xanım da əyləşdilər. Qulamhüseyn nökər də məcməyini gətirib mizin üstündə qabaqlarına qoydu. Ondan sonra Rzaqulu xanın, daha açığı, zavallı İran milyonçusunun evində Qərb adətincə mizdə, stulda təam sərfinə başlandı. Pərviz xan üzünü babası Rzaqulu xana tutub fransızca olaraq deyirdi: – Baba, bu gün bizim xanəmizdə nadir bir ittifaq düşdü. İranın övrətlərinin əvvəlinci dəfə miz – stulda təam sərf etməsi tarixi bir vaqiədir. Doğrudan acam böyük təşəbbüs edib böyük pişrəftə başlamışdır. Bu vaxt Rzaqulu xanın nahar otağı bir dərsxana, bir tərbiyətkahə də bənzədilməli idi. Zira hər kəs bir-birinə baxıb kamali-ehtiyatla təam sərf edirdi. Olqa xanım ən əvvəl qaşığı əlinə alıb qabağındakı nimçəni ortada qoyulan blyudanın yanına aparıb qaşıq ilə töküb yanına çəkirdi. Ondan da sonra əlindəki çəngəl-biçaq ilə səbzi qovurmanınətlərindən götürüb parçalayıb ağzına qoyur, qabağındakı nazik dəsmal ilə ağzını silir. Böyükxanım gözünü dikib Olqa xanımın ağzına və əlinə baxır. Özü dəxi çörəkdən əli ilə qoparıb düyüləri ortasına çəkib ağzına basır. Barmaqları yağ ilə batmış, barmaqlardakı birilyant üzüklərin qaşları yağ içində qalmış. Şərq övrətlərinin timsali-mənhusəsi, yaxud bütün İran övrətlərinin nümayəndəsi ədd olunan Böyükxanım Qərb adətinə, qərblilərin tərbiyəsinə nə qədər mütəvəccih isə də Qərbin də Şərqdəki bir nümuneyi-zibəti olan Olqa xanımın gözü Şərqin məşhur və elmli bir milyonçusu sayılan Rzaqulu xanın övrətində idi. Bütün hazirun təam meyl edirdilər. Fəqət balaca Münəvvər hərdən beş düyü çörək arasına qoyub ağzına aparırdı. Ara-sıra uşaqlar analarına baxıb bir də qonaqlarına baxıb qızarırdılar. Böyükxanım da ağzının yağını hər loqmanı ağzına apardıqdan sonra başındakı zərinə mə’cərlə silirdi. Təam sərf olundu qurtardı. Birlikdə durub bir-bir əllərini dəhlizdə yuyub yazıxanaya keçdilər. Təamdan sonra yazıxanada çay sərf olundu. Lakin fayton qapıda qoşulmuş durub xanların intizarını çəkirdi. Böyükxanım da qoymurdu, mane olurdu. Fayton qoşulub qapıda məəttəldir! Olqa xanım, Jorj, hacı xan, Pərviz xan, Münəvvər xanım hazırlanmışlar. Qabaqca Münəvvər xanım anasilə görüşür. – Ana, salamat qal! Yenə tezlikdə sənin ziyarətinə gələrəm! Böyükxanım – Qızım, sən gedə bilməzsən. Münəvvər xanım – Nə üçün? Böyükxanım – Hər nə ki, dərs oxuyubsan kifayətdir. Mənim qəlbimdə başqa da arzum vardır. Münəvvər xanım – Ana, sən allah sənin hamı arzuların mənim ədəbli və layiqli qız olmağım deyilmi?! Böyükxanım – Orası mənim öz yadımdadır, ancaq getməli deyilsən. Pərviz xan yenə öz helm və mülayimətinə xatircəm olduğu üçün anasına yalvarırdı: – Ana, sən allah burax qızı aparaq dərsini oxusun. Hərgah Münəvvər orada olmasa bizim də qəlbimiz sıxılar. Bizə də, Münəvvərə də rəhmin gəlsin. Böyükxanım – Siz də getməli deyilsiniz, hər qədər təhsil etdiniz kifayətdir. Bizim xalqa borcumuz yoxdur ki, ayda yüz tümən pul verək. Olqa xanım Rzaqulu xana üzünü tutub deyirdi: – Mənim dərk etdiyimə görə Böyükxanım bizim yoldaşlarımızı getməyə qoymur. Rzaqulu xan. – Belə mə’lum olur. Olqa xanım, Böyükxanıma: – ana, nə üçün qoymursan? Vallah anam uşaqlara çox məhəbbətlə baxır, əlalxüsus bizim qulluqçular onların mühafizəsindən bir dəqiqə qafil ola bilməz! Anam heç olmasa gecədə üç dəfə bizim otağımıza gəlib rahat və hifzimizə diqqət edir. Sən allah, mənim yoldaşlarımı saxlama, mən tək gedə bilmərəm! Anam bunları istəyəcəkdir. Böyükxanım – Eyb etməz, sən də getmə, qal bizdə, yoldaşlarının yanında. Ev sizin öz evinizdir. Münəvvər xanım – Ana, insaf elə! Mənim burada bir saat qalmağım bir il müddəti təhsilimdən dalıda qoyur. Əlavə, mən getməsəm qardaşlarım da məəttəl olacaqdır. Böyükxanım – Qardaşların ömrləri olduqca namazdan qalıblar, qoykilən bir ay da dərsdən qalsınlar günah ki, deyil. Rzaqulu xan Böyükxanıma açığlanıb deyirdi: – Məni bu firəng uşaqlarının istehzasına salma! Qoy uşaqlar getsinlər dərslərinə, yoxsa bu saat mən özümü bədbəxt edərəm. İnsafın olsun, mənim nə üçün zəhmətlərimi itirirsən? Mən bu qədər xərci qoymuşam övladım axıra kimi dərs oxusun. Nəinki yarımçıq qalsınlar. Böyükxanım Rzaqulu xanın təğəyyurunu görüncə bir az yumşalır. – Eyb etməz, uşaqlar getsinlər, amma qız gedə bilməz. Əqəllən gərək bir-iki gün qalsın. Nəhayət Böyükxanımın hiyləsinə qurban olan Rzaqulu xan Münəvvərin bir gecəlik qalmasına riza verdi. Lakin nə Münəvvər razı olurdu, nə də Olqa xanım, Münəvvərsiz getmək istəyirdi. İkisi də ağlayırdılar, göz yaşlarını silirdilər. Rzaqulu xan da qabaqca Olqa xanımdan bir gecəlik qalmasına təvəqqe edirdi. Sonra Münəvvəri qalmağa razı eləyirdi. Nəhayət elmi-ədəbi çox dost tutan Münəvvər xanım ana xahişini onlardan da müqəddəm hesab etdiyi üçün qalmağa razı olmuşdu. Ona görə Münəvvər xanım qapıya kimi yoldaşlarını aparıb faytona səvar etdi və müvəqqəti, lakin əbədi bir vida etdiyi halda yoldaşlarına: – Təvəqqe edirəm bircə gün dərsdən tə’til edəsiniz, tainki sabah mən də gəlib özümü yetirim. Yoldaşları getdilər. Münəvvər xanım evə qayıtdı. Amma Böyükxanım Münəvvəri hamama aparıb paltarlarını dəyişdirib müsəlman etmək istəyirdi. Hətta xəlvətcə Münəvvərdən ötrü tikdirmiş islami, yaxud təbrizi paltarları Qulamhüseyn ilə hamama göndərmişdi. Lakin Rzaqulu xandan hamama getməyə izn istəyirdi. Rzaqulu xan da qəbul etmirdi. Böyükxanım qabaqca hamam ləvazimatını Qulamhüseyn ilə hamama göndərmişdi. Amma Münəvvəri aparmaq üçün Rzaqulu xandan izn istəyirdi. Münəvvərin başına əl çəkib deyirdi: – İndi qızım gör sənin başıvu necə yuyub təmizləyəcəyəm. Gör indi səni hamamda necə çimdirəcəyəm? Münəvvər xanım – Ana, mən hamama getmək istəmirəm. Bu gün tezdən məni Liza xanım özü çimdiribdir. Mən bilirəm hamamlar təmiz deyil. Rzaqulu xan – Münəvvər, hamama gedə bilməz, kəsif sularda insan çimdirilməz. Haman suya bir gün insan girəndə qoxusu bir ay kəsilməz. Xub, təmiz, saf vannada çimdirilmiş qızı o kəsif suda çimdirməkdən mənzurun nədir? Mən bilirəm, hamam bina olunandan əvvəlinci dəfə anbarına bağlanmış suyun nümunəsi vardır. Sən görmədin doktorları ki, haman suyu maşın ilə ölçdü? Demədilər ki, bu suyun bir hissəsi haman köhnə və qoxumuş sudur, bir hissəsi də haman bədənlərdən tökülən çirk və müsri naxoşluqlara giriftar olan xəstələrin bədənlərindən tökülən kəsafət?! Övrətlərin, kişilərin mə’lumlu ə’zalarından çıxan üfunətli sulardır ki, insanın dimağına bir qətrə girsə labüddən naxoş edər. İndi sən razı olursan ki, o natəmiz suda bu gül kimi hifz olunmuş uşağı çimdirəsən? Böyükxanım – Sən olasan öz allahın, çox da öz yanından şəriət çıxartma. Haman hamamın suları kürrdür. Hərgah hamısı da çirk olsa şəriət yenə orada çimməyə izn verir. Bir də Liza xanımın iki dolça su tutan təştini mənə tə’rif eləmə. Liza özü nədir ki, çimdirdiyi uşaq nə olsun? Çimdirsə yaxşıdır, murdar eliyib qoyur ora. Lizanın özü də, təşti də, çimdirdiyi uşaq da nəcisdir. Sənin ağlıva mən şaşıram ki, o tövr murdar kafiri mənə tə’rif edirsən. Vallah lap yoldan çıxıblar, məzhəbdən çıxıblar. Şəriətin hökm etdiyi kürr suları Lizanın təştindən yaxşı hesab eləyirlər. Rzaqulu xan – Çox yaxşı, hamamın suyu kürrdür, burada səni başa sala bilmirəm. Bəs ona nə deyirsən ki, hamamda müsəlman vəhşilərinin nalayiq hərəkətlərini görüb hissiyyatı xarab olacaqdır? Heç bilirsən hamamlarda nə tövr söhbətlər danışılır? İnsaf elə, qızı nə üçün cəbrən vəhşiliyə tanıdırsan? Böyükxanım – Sözün doğrusu mən murdar uşağı yanımda saxlaya bilmərəm. Gərək labüddən hamama aparam. Böyükxanım öz cəhalətindən israr edirdisə də, Rzaqulu xan da mane olurdu. Lakin Böyükxanıma o tövr maniətlər kargər olmadığından Münəvvəri götürüb hamama apardı. Münəvvər isə məcburən gözlərində asari-təhəyyür, rəngi məcburiyyətin qələbəsindən bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. Münəvvər xanım anası Böyükxanımın yanında hamama gedir. Yanlarında nökərləri və qaravaşları kamali-ehtiramla İran milyonçusunun övrətini və qızını hamama aparırdılar. Münəvvər xanım öz fransız qiyafətində, amma Böyükxanım milyonçu övrətlərinə məxsus nəfis libaslar geyib kamali-həşmət ilə küçədən-küçəyə, dərbənddən-dərbəndə keçib hamama tərəf gedirdilər. Münəvvər xanımı görən övrət və kişi, cavan və qocaların hamısı onun gözəllik və qiyafətinə tamaşa edib xoşlarına gəlirdi. Bir-birlərinə deyirdilər: «Bu firəng qızı kimdir?! Heyif, kafir uşağıdır! Siz allah bir baxın görün heç allah-taala bunda bir qüsur xəlq eləyibdirmi? Barakallah kafir qızı, qəribə uşaq doğubdur. Gözü göz yerində, qaşı qaş yerində xəlq olunub, doğrudan deyəsən şəkildir. Allah yola, məzhəbə gətirsin, gözəllikdə tamam eliyibdir. Nə olaydı ki, müsəlman olaydı. Daha da gözəl olardı. Heyif ki, nəcisdir». Bir para adamlar da görüb deyirdi: «Bax gör nə libas geyindiriblər? Doğrudan deyəsən çiçəkdir ki, indicə açılıbdır. Yaxşı gözəldir, heyif kafirdir, murdardır!» Bir para cavanlar da görüb deyirdi: – «Xudavənda, sən bu firəng qızını necə cəhənnəm odunda yandıracaqsan? Bax gör nə yaxşı baxır? Necə kəklik kimi yeriyir? Görəsən hansı murdar kafirə qismət olacaqdır?» Bir para müsin kişilər də görüb deyirdilər: «Qoy bunlar bu dünyada geyinib rahat dolansınlar, bunların behişti bu dünyadadır. Amma axirətdə atalarına od vuracaqlardır. Yaxşı gözəldir, nə fayda ki, nəcis əndər nəcisdir. Görürsən, üstünə urus ətri vurublar? Daha onun axırı nə olacaqdır?» Bir tərəfdən də yol üstündə bir dəstə cavan ə’yanlar durub bir kosa və arıq üzlü, gözləri xırdaca, ağzında əsla diş asarı olmayan məflük bir kişini yaxalayıb yalvarıb deyirlər: «Soltanüşşüəra, mən ölüm məni istəyirsən bu qıza bir qəzəl inşa elə ki, biz hərdənbir bunu yada salanda oxuyub qəlbi səfalandıraq. Bir də heyifdir ki, bu tövr gözəlin adı kitablara düşməsin» Soltanüşşüəra: – eyb etməz, qoy bir gəlib qabağımdan keçsin, yaxşı mülahizə edim, sonra baxaram öz tə’bimin iste’dadına, hərçənd gözlərim yaxşı görmür. Amma uzaqdan yaxşı görsənir. Siz heç danışmayın, mənim nəş’əm dağılmasın... Soltanüşşüəra əlini uzadıb cibindən bir köhnə eynək çıxarıb çuxasının ətiyinin ucu ilə silib gözlərinə qoyur, əli belində başını qaldırıb Münəvvərə tamaşa edirdi. Münəvvər xanım kamali-ədəb və vüqar ilə keçir. Cənab Soltanüşşüəra əvvəlcə başında çiçək kimi yaşıl lentli şlyapasına, toplanıb dalına düşən qara zülflərinə, açıq və parlaq nasiyəsinə kəşidə, qara qaşlarına, bütün surət və simasına nöqtəbənöqtə tamaşa edirdi. Münəvvər xanım heç tərəfə baxmırdı. Məhzunluq başının çiyninə tərəf məylal olduğundan mə’lum idi. Gözləri baxırdı, ancaq öz qarşısına. Camaatın izdihamını görürdü, üzlərini, qaş-göz atmaq kimi cahilanə hərəkətlərini deyil, danışdıqları müzəxrifatı eşitməklə Münəvvər xanım keçdi, Soltanüşşüəra cənabları da eynəyini çıxarıb cibinə qoydu. Üzünü yoldaşlarına çevirib: qəribə gözəldir, bimisl qızdır. Doğrudan qəzəl deməyə layiqdir deyib yola düşdü. Amma başında olan ə’yanlar və tüccarzadələr qəzəli nə qədər tez olsa deməyi təvəqqe edirdilər. Amma şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa elədi. Haman qəzəl eynək burada yazılır. Bir para yerlərində qüsur olsa da bizə dəxli olmayıb, əvvəlcə eşidib hifz edənlərdədir. Bəndənin bu hekayəni yazmağını eşidən Eynulla xan Təbrizi cənabları həmin qəzəli yazdırıb göndərmişdir ki, qarə’lərin nəzər-diqqətinə qoymaqla Təbriz müsəlman şüərasının ədəbiyyatça nə qədər şaşmış olduqlarını filcümlə izhar edəcək. Qəzəl Çe şuxi ey be bala sərve-nov xiz, Ke del berebudi ba zolfe delaviz. Cəmalət afəti-cani-əzizan, Negahət fitneyi-aşubi-Təbriz. Peyi-qətləm kəşide türki çeşmət, Ze mojqan tir, zərbu tiği-xonriz. Be xubi dər cahan misləti nədidəm, Bəhər kəs dide bekşudəm be hər çiz. Xəta başəd əgər guyəm ke mahi Nədarəd meh çe to ləle-şəkərriz. Be şeşdər əfkəni mehra to mehri Nəmai ruye-zolfe-ənbəramiz. Münəvvər xanım aralıqda yoluna davam edib getməkdə idi. Təbriz camaatının danışıqlarını, Soltanüşşüəra ilə olan mükalimələrini bütün-bütünə düşünürdü. Deyirdi: – Bu Təbriz camaatı qəribə məğrur, qəribə vəhşidirlər?! Bunlar bilmirəm cəhənnəmi, behişti nə mülahizə edirlər? Özlərini bunlar yoxsa insan və müsəlman hesab edirlər? Böyükxanım – Münəvvər, görürsən atan səni necə bədbəxt edib? Sənin əyninə bu paltarlar olmasa idi qulağın bu sözləri də eşitməzdi. Qorxma, indi sənə hamamda gözəlcə müsəlman libası geyindirib bu tövr töhmətlərdən yaxanı qurtararam. Münəvvər xanım daha bu sözlərdən dilgir olurdu, deyirdi: – Mənim dilgir olmağım libas üçün, atamın mənə zülmü, qeyri-zülmü üçün də deyil. Mənim dalımca nə qədər danışırlar qoy danışsınlar. Mən rəncidə olmaram. Çünki insan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. Ancaq məni dilgir edən camaatın cahilliyi, nadanlığıdır. Bizim bu camaat özlərini müstəhəqqi-behişt hesab edirlər. Amma başqa millətləri cəhənnəm əhli hesab etməkdədirlər. Bilmirəm bu yalançı müsəlmanların başqa millətlərə təfəvvüqü və axirətcə artıqlığı hansı əməlləri cəhətinədir. Görünür ki, xudavəndi-aləm behişti fəqət bu beş-on milyon camaatdan ötrü xəlq edibdir. Bir halətdəki, nisfdən çoxu yalançı və məzhəb oğularıdır. Yer üzündə olan bir milyard beş yüz milyon əhalidən yalnız üç yüz milyonu müsəlmandır. Bunlar nə tövr müsəlmandırlar deməyə ehtiyac yoxdur. Çünki bir kəsdə, bir millətdə tərəqqi olmadı, yəqin elə ki, düzkün məzhəb də yoxdur. Çünki hər kəsin tərəqqisi öz məzhəbində qaim olmaqda və əsrə yaxışan tədarükləri görməkdədir. Müsəlmanlıq isə həmişə insanı tərəqqi və səadətə də’vət edir. İndi belə mə’lum, xudavəndi-aləmin adəmə və peyğəmbərlərə və onların vasitəsilə bəndələrə tə’rif etdiyi behişt nə qədər vəsi, nə qədər geniş isə də fəqət beş-üç yalançı və məzhəb çibkirlərindən ötrü imiş. Lakin onu bilmirlər ki, hər kəs, hər millət axirətdə əməlinə baxmış müzd alacaqdır. Münəvvər xanım bülbül kimi danışdıqca əvam, hətta qur’anda Yusif surəsini oxumayan Böyükxanım quruyub qalmışdı. Sonra gülə-gülə deyirdi: — Vallah bilsəm ki, mən gedən behiştə sənin müəllimən Liza xanım da gedəcək mən cəhənnəmə getməyə razı olaram. Bir də mən ona razı olmaram ki, mənim rəhmətlik atam gedən behiştə doktor Lui də getsin. Sən yəqin elə ki, allah behiştə bir nəfər xarici məzhəb aparsa bütün müsəlmanlar, xüsusən bizim təbrizlilər açıq edib hamısı behiştdən çıxarlar. Münəvvər xanım yavaş-yavaş gülürdü, dəsmalını ağzına tutub gülməyini anasına aşkar etmirdi. Deyirdi: — ana, özgələr ilə işim yoxdur. Mənim babam rəhmətlik ki, sənin atandır, ömrünü padşah qapısında başa verdi. Heç ola bilərdi ki, zülmkar bir padşahın yanında olan qulluqçu camaata zülm eləməsin? Bir də babam bu qədər dövləti haradan cəm eləyib?? Padşahdan ona yetişən məvacib onun qatırçılarını görməz imiş. Bəs bu milyon dövlət ki, bizə hibə edib onu kimdən almışdı? Söz yoxdur ki, fəqir camaatın malıdır. İndi bizim doktoru deyim. Onun anası-atası öz ruzilərindən kəsib onu dərsə qoyublar, nə qədər zəhmətlər çəkib ömür sərf edib, darülfünun qurtarıb, nə zülm etmək bacarır, nə qəlb sındırmaq. Nə də saır mərdümazarlıq kimi işləri öyrənibdir. Özü də gəlib Təbrizdə bu müsəlmanlara müalicə eləyir. Minlərcə insanı ölümdən qurtarır. İndi bax gör bunların hansı behiştə layiqdir? Böyükxanım Münəvvərin sözlərindən dilgir oldu. Lakin cavabını verə bilmədi, çünki hamama daxil olmuşdular. Böyükxanım evlərindən gəlmiş bir ipək xalçanın üstündə əyləşib, Münəvvər xanımın libasını soyundurub bir ağ buxçaya basır, bir-birinin üstünə qalayır, libasları, şlyapasını əzirdi. Libasını bu surətlə görən Münəvvər xanım deyirdi: — Ana, bu libasları böylə ki, elədin daha bunları bir də əyinə geymək olacaqmı? Böyükxanım Münəvvərin iltimasına qulaq vermirdi. Övrətlər də hər tərəfdən Münəvvəri ortaya alıb tamaşa edirdilər. Böyükxanıma tanış olan övrətlərdən bə’zisi izhari-məhəbbət edərək Münəvvərin üzündən öpürdü. Münəvvərin üzü qayət qızarmış, gördüyü vəhşaniyyət onu fövqəl’adə heyrətə düşürmüşdü. Övrətin birisi şlyapasına baxır, içindən gələn ətri qoxuluyur, valeh olur, öz-özünə deyir ki, «Xudavənda gör bu kafirlər müsəlmanı necə yoldan çıxarmaq istəyirmişlər?» Övrətlərin birisi də Münəvvərin qara tüklərini əlinə alıb mülahizə edir; tüklər nəzafətin axır dərəcəsində saxlanmışdır. Lakin övrət öz-özünə deyirdi: «Baxırsan qara şəvə kimi tükdür, bir-bir sayılacaq dərəcədə təmizdir. Amma əli vuranda adamın əti çimçəşir, çünki kafir əlindən çıxıbdır!» Münəvvər bütün zahiri, daxili libaslarını tökub üstündə bir ipək fitə olaraq anasının dalınca içəri hamama gedirdi. Dalınca vəhşilər sürüsü tökülüb barmaq çalırdılar, dodaq atıb deyirdilər: — Bu gün hamama cədidulislam gəlibdir, gül başıva Böyükxanım, yaxşı rüsvay olmusan, yaxşı axirətin bərbad olub! Bu qızın yedi evli həmsayələrə də zərəri vardır. Allah divanınızı eləsin, yaxşı müsəlmanlığı aradan götürmək istəyirsiniz!.. Böyükxanım hamamın mütəəffin suyunu Münəvvərin müəttər sabunlar ilə yuyulmuş başına tökub isladırdı. İslatdıqdan sonra gil suyu ilə yuyub üzünə ruşul sürtürdü. Çimdirdikdən sonra saçlarını İran övrətləri kimi nazik-nazik hörüb başda bit-sirkə olmamaq üçün vaxt ikən evdə öldürülmüş çivəni başının tüklərinin arasına çəkirdi. Çünki hamamda müsəlman övrətlərinin qisməti olan kəsafətdən Münəvvər xanıma da bir hissə yetişmişdi. Validənin fərti-cəhalətindən dünən təmizlik və nəzafətcə fransız qızlarına təfəvvüq edən Münəvvər xanım bu gün kəsif və mənfur bir iranlı qızı olmuşdu. Münəvvər xanım kəsrəti-ələmdən bilmirdi nə danışsın, nə etsin, ancaq ah çəkib deyirdi: – Ana başıma sürtdüyün çivəyə diqqət elə, çünki mənim başım bə’zi heyvanların müçavirətinə adət etmədiyindən böyük zəhmətlərə düçar olacaqdır. Bu gün mənim bədənimdə kəsafət və üfunətin töxmünü əkdin, bu sulardan aparıb kəhvarədəki uşağın bədəninə sürtsən iki gündə bit-sirkə çıxar, mən isə haman suya çimdim və başımı da yudum. Mənə rəhmin gəlmədi, axır mənim başımı nə üçün bu hala saldın? Bir də bu tükləri daramaq, açıb təmizləmək mümkün olacaqdırmı? Əlhəmdüllah mən müsəlman qızıyam, amma sən məni müsəlman etmək üçün başımı, bədənimi nəzafətdən çıxarırsan. Burada gərək şəriətimiz heç kəsə mötəərriz olmasın, çünki tükün, əlbəsənin əqaid və məzhəbə dəxli yoxdur. Bir də sabah mən bu halətlə doktorun evinə necə gedəcəyəm? Bu suların qoxusu bir ay qədər mənim bədənimdən yəqin ki, getməyəcəkdir. Əlalxüsus, müsəlman övrətlərinin qiyafətini daima tənqid edən doktorun nemsə müəlliməsi məni bu halda görsə bilirsən necə tə’n dilini açacaqdır?! Böyükxanım — Qızım qorxma, sənin yaxavı qurtardım, daha qoymıyacağam gedəsən. Münəvvər xanım — Ana, öylə buyurma! Buyur ki, yaxan qurtardı, səni öldürəcəyəm, sən onu yəqin elə ki, mən təhsildən qurtarmamış dünyada rahəti özümə həqarət hesab edirəm. Böyükxanım bu tövr sözlərdən mütəəssir olmadı. Münəvvər xanımı eşiyə çıxarıb Təbriz qızlarına məxsus libaslardan geyindirib, qabağına salıb evə aparırdı. Münəvvər xanım ağlayır, balaca Münəvvərin çöhrəsinin təravəti, vücudunun nəzafəti getmiş, gün qurub etmiş kimi bir şəfəq qalmış, o isə qara bulud məsabəsində olan çadrşəbi-tərin içindən parlayır, gözlərindən əşki-növmidi cari qılaraq deyirdi: ana mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq hey’ətindən çıxartdın? Böyükxanım — Qızım, sən mənim ürəyimin parçası, bədənim və vücudumun rahətisən, mən razı olmadım ki, beş günlük dünya rahətindən ötrü həmişəlik cəhənnəm odunda yanasan. Münəvvər xanım — Hərgah xudavəndi-aləm bu libasları geymək üçün insanı axirətdə cəhənnəm oduna yandıracaqsa bu libaslar da dünyada insana cəhənnəmi göstərir. Haliyədə bu libaslardan məni cəhənnəm qoxusu vurur, sən yəqin elə ki, bu libaslar əcəl libasıdır, mən örtdüm. Bu vaxt Münəvvər xanımın və Böyükxanımın yolu Dəvəçi qəbristanından düşmüşdü. Cümə axşamı olduğundan qəbristanda böyük izdiham var idi. Camaat sərilib orada olan kəçxanələrin kölgəsində əyləşib: kimisi börkünü alıb əlinə kənarlarını bitliyir, kimi kömləyini qaldırıb uclarında olan çüçüləri təmizləyir, kimisi də əlində yasin çərəkəsi, cümə surəsi (sübhanə) oxuyurdu. Bəylərbəyinin pişxidməti Qulam xan da nökərlər ilə durub Böyükxanıma və Münəvvərə tamaşa eləyirdi. Böyükxanım və dalınca Münəvvər xanım yavaş-yavaş gedirdilər. Lakin yolları Qulam xanın qabağından idi. Qulam xan qabağa keçib Böyükxanıma salam verdi. Böyükxanım isə cavabını verib keçdi. Ancaq Münəvvər xanım əvam və qur’anda Yusif surəsini oxumayan Böyükxanımın işlərinə şaşıb qalmışdı. Bir tərəfdən libaslar dəyişib, başmaqlar dəyişib, bir tərəfdən çadrşəb əl-ayağına dolaşır. Bir tərəfdən də Böyükxanım kimi əvamın özgə kişi ilə salamlaşmasını görüb özünü itirmişdi. Təəccüb edirdi. Yolu rast gedə bilmirdi. Gah o tərəfə, gah bu tərəfə gedirdi. Başını qaldırıb yuxarı baxmağa, hətta ayağının altını da görməyə macal etmirdi. Zira nə çadrşəbə, nə də ayaqları bir-birinə dolaşdıran başmaqlara adət etmişdi. Böyükxanım isə Qulam xanı Münəvvərə nişan verərək deyirdi: Münəvvər, görürsən mənə salam verən oğlan necə oğlandır? Görürsən necə gözəldir? Necə boy-buxunu, əndamı vardır? Sən allah, Münəvvər, heç baxıb o xanı gördün? Münəvvər xanım — Ana, mənim nə işim vardır ona baxım? Kişi tayfası ilə mənim nə rabitəm vardır? Böyükxanım — O xan istəyir ki, bizim ilən qohum olsun. Bax gör xoşuva gəlir ya yox? Münəvvər xanım — İndi ərz elədim ki, mənim o tövr adamlar ilə nə işim vardır ki, baxım görüm gözəldir ya çirkindir. Hər kəsdir özünə. Böyükxanım qəbristandan uzaqlaşınca bir gedib, bir də dönüb baxırdı. Qulam xanın hüsni-camalına və saxta vəcahətinə firiftə olan Böyükxanım Qulam xana yaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı. Fəqət zavallı və bədtale Münəvvər xanımı bədbəxt eləməkdən başqa bir çarə tapa bilmirdi. Münəvvər xanım da özünə məşğul olub, öz aləmində, öz fikrində idi. Bir tərəfdən qiyafət dəyişilib, insanlıqdan çıxıb, təhsildən qalıb, həm də Ermənistan məhəlləsinin yolu uzaqdan görünür: Yoldaşları yadına düşüb qayət müztərib olmuşdu. Böyükxanım da daima Qulam xanı Münəvvərə tə’rif, təvsiyə edirdi. Münəvvər xanım — Ana, mənim bu tövr sözləri əvvəlinci dəfə eşitdiyimdir. Səndən xahiş edirəm bu sözləri kənara qoyasan! Mənim ürəyimi xarab eləmə! Hissiyatımı dağıtma! Mənim nə rücuim vardır ki, Qulam xan bizimlə qohum olmaq istəyir? Mən də istəyirəm bir saat, bir dəqiqə təhsildən qalmayım, mümkün olurmu? Səndən təvəqqe edirəm, mənim ismətimə, abrıma, həyamə toxunacaq sözlər danışmayasan. Böyükxanım birahələr ilə Münəvvəri dolandırıb axşam əzanı çəkiləndə evə yetirdi. Rzaqulu xan da qızının təbdili-qiyafət etməsini görüb qayət dilgir oldu. Lakin Böyükxanım bu tövr işlərə baxmayıb gülürdü. Münəvvər xanım başında çadrşəb, mütəhəyyir və gözləri qızarmış evin aşağı başında durub, Böyükxanım da gülürdü. Amma Rzaqulu xanın rəngi təğyir tapmış, haləti dəyişmiş, bədəni titrəyirdi. Üzü Böyükxanıma kamali-xişm ilə deyirdi: — Mənim qızımı nə üçün belə təhərdən çıxardın? Sənə kim dedi ki, qızın libasını dəyişəsən? Böyükxanım — Qızı mən müsəlman elədim! Hərgah sənin sözünə baxsa idim ölənə kimi qız firəng evində qalacaq idi. Rzaqulu xan — Mən bu saatda özümü bu qüssələrdən qurtararam. Əlini atıb mıxdan tapançanı götürüb özünü öldürmək istədi, bu vaxt nökərləri tökülüb əlindən tapançanı aldılar. Amma Rzaqulu xan qəşş elədi. Yatağına gətirdilər. Münəvvər xanım da ağlamaqdan bihuş düşmüşdü. Rzaqulu xan və Münəvvər xanım qüssələrindən naxoş olub daima yataqlarında qaldılar. Amma Böyükxanım da bunların naxoş olmasını qənimət bilib daha Münəvvəri təhsilə buraxmaqdan vaz keçmişdi. Buna cəhət adamlar göndərib Qulam xanın anası Sərfnaz xanım ilə Münəvvərin işini qurtarmaq üçün sual-cavab edirdi. Lakin Rzaqulu xandan vahimə etdiyi üçün hərdənbir gəlib onu başa salmaq üçün müqəddimə açıb deyirdi: – Kişi indi mən mülahizə edirəm, sən özün olmusan bəstəri naxoş, uşaqların sinni kiçik, heç bir iş bilmirlər. Mal-dövlət, kəndlər, mülklər, bağlar tökülüb dağılır, bir pərəstar yox, baş çəkən yox; indi lazımdır ki, biz bir adam tapaq bu işlərə baş çəksin. Mülahizə edirəm, öylə bir xatircəm olmalı adam da yoxdur. Ancaq bir əlac ona qalıb ki, qızı verək Qulam xana. Eybi nədir, bu qədər dərs oxuyub bəsdir, bunun əvəzinə uşaqları göndərərik bir neçə il artıq təhsil edərlər. Rzaqulu xan — Övrət əqlin, huşun başında olsun. Mənim naxoş vaxtımda ürəyimin ipini qırma! Əvvəla budur ki, Münəvvər gərək təhsildən qurtarsın. İkinci gərək ərə getməli vaxtı gəlsin. Üçüncüsü mən qızımı insana və namus, qeyrət sahibinə verərəm. Nəinki Qulam kimi... ki indi də özgələrə övrətlik edir. Bəylərbəyi onu nədən ötrü yanında saxlayır, heç bilirsən? O tövr nakəsə qız vermək, bizə ar deyilmi? Bir halətdə ki, qız da uşaqdır. Bir də Qulam xan kimdir, sən və mən kimlərik? Onun atası Məmmədqulu Soltan qatırçı başı, sənin atan İranın məşhur nəcibzadələrindən hesab olunan Xudayar xandır. Heç əqlin yoxdur ki, onu özünlə bərabər edirsən? Böyükxanım — Qız tayfası səkkiz sinnində kəbirdir. Təvəqqe edirəm özündən təzə şəriət qayırma. Bir də mən qızımı firəng evində qoymayacağam! O ki, qaldı Qulam xana nanəcib deyirsən bu bir söz deyil: çünki hələ uşaqdır. Biz onu yaxşı əqlə gətirərik ki, Təbrizdə əvvəlinci adam olar. Bir də mən bundan sonra Qulam xan kimi gözəl, göyçək oğlanı haradan tapıb qız verəcəyəm? Hərgah onun Təbrizdə qız almaq xəyalı olursa Təbrizdə əlli adam ona qız verər. (Öz-özünə) Münəvvərin sinni azdır. Ərə getmək vaxtı deyil, söz tapıb deyir! (Rzaqulu xana) Xob, hərgah qızı səkkiz, doqquz yaşda ərə verməzlər, nədən bəs Hacı Nizamüddövlənin qızını yeddi sinnində və Hacı Qəvamülmülkün nəvəsi Sona xanımı səkkiz yaş yarımda, Hacı Mübəssirin bacısı Nazəndə xanımı doqquz yaşda ərə verdilər? Rzaqulu xanın bu sözlərə ürəyi daha tab etmiyərək yatağında bihuş düşmüşdü. Münəvvər də gecəni yatmadığı üçün bitab olmuşdu. Amma Böyükxanım böylə vəziyyətləri qənimət bilib Qulam xan ilə nə qədər tez olsa rabitə salmağı arzu etməkdə idi. Buna binaən bir tağa qiymətli şal, on tümən də pul götürüb cənab Mirzə Rəhim ağanın hüzuruna getdi. Böyükxanım başında zərbaf çadrşəb Mirzə Rəhim ağanın məhkəməsinə salam verib daxil oldu. Amma Qulam xanın anası Sərfnaz xanım vaxt ikən gəlib ağanın hüzurunda əyləşmişdi. Böyükxanım içəri girən kimi, Mirzə Rəhim ağa Böyükxanımın qiyafətini görcək Sərfnaz xanımdan xəbər aldı: Sərfnaz xanım bu kimdir? Sərfnaz xanım — Ağa, Böyükxanımdır, Rzaqulu xanın övrətidir. Mirzə Rəhim ağa — Xoş gəlmisən; qədəm rəncə buyurmusan... Böyükxanım, nə əcəb, sən hara bura hara? Dünyanın işi belədir birisi qız ərə verəndə, oğluna kəbin kəsdirəndə bizi yadına salar. Vallah indi Sərfnaz xanıma deyirdim. Sənin rəhmətlik atan mənim barəmdə nə qədər məhəbbət edirdisə öz yerində. Öz sahibin Rzaqulu xanın da bizə əlahiddə iltifatları vardır. Amma, düşəndə Nisə bəyim xanımdan ki, bizim uşaqların anasıdır, xəbər alaram sizdən heç bir iltifat bizim haqqımızda olduğunu söyləməz! Nə qonaq gəlirsən, nə qonaq çağırırsan. Eybi yoxdur, indi mən bunların hamısının əvəzini çıxardaram. Davalı iş olanda məni taparsınız. Böyükxanım — Ağa, sən özün alimsən, bilirsən ki, Rzaqulu xanın pis xasiyyətinə görə peşəmiz axşama kimi evdə çırpışmaqdır. Götürüb uşaqları qoyub firəng evinə dindən, məzhəbdən, yoldan çıxarıbdır. İndi mənim ərzim budur ki, bir növ eliyəsən qızı kafirlikdən qurtarasan. Mirzə Rəhim ağa — Doğrusu Rzaqulu xanın bu xasiyyətləri mənə çox naguvara gəlir. Neçə dəfə də çağırıb məzəmmət, məlamət eləmişəm, yenə başa gəlməyibdir. Hərgah xatiri mənzur olmasa idi verərdim səngsar edərdilər, daşlardılar, çünki Təbrizdə bir para bid’ətlər də qoyur. Qız nədir, firəng paltarı nədir? Heç bilirsən Rzaqulu xanın bu tövr xasiyyətləri və bid’ətləri səbəbinə bu Təbriz üləması məni nə qədər incidirlər? Nə vardır ki, Rzaqulu xan sənə ildə üç yüz tümən pul verir, ona görə onun eyblərini gizlədirsən, vəhalonki mən min tümənə şəriətin bir tükü-nü vermərəm. Rzaqulu xan olmasın vəliəhd olsun mən şəriəti dünya malına satan alimlərdən deyiləm! Rzaqulu xan mənə pul verir, məhz elm cəhətinə nəinki məni sakit etmək üçün. Böyükxanım — Allah səndən razı olsun, allah sizin kimi müctəhidlərin kölgəsini bizim başımızdan əskik eləməsin! Gərək bizə bir minnət qoyub qızın kəbinini kəsəsiniz, vallah şəriətə də köməkdir. Çünki qızı burada ərə verməsəm labüddən dərsə göndərəcəkdir. Mirzə Rəhim ağa — Böyükxanım, əvvəla sənin xatirin mənim yanımda mənzurdur. İkinci Qulam xan da hörmətli oğlandır, üçüncüsü bəylərbəyinin övrəti Şahnəvaz xanımın da sifarişi məni məcbur edir ki, bu kəbini kəsim. Amma sizə deyirəm, bu kəbin saır kəbinlərə bənzəməz. Xərciniz ağır olacaqdır. Lazımdır bu gecə kitabları tökub sabaha kimi vərəqləyib bir hədis tapam, bəlkə bu kəbini şəriətə sığışdıra biləm. Hərçənd bizim fitvamız, bizim qəsdimiz şəriətin də səlahıdır. Lakin yazıda əxbardad isbat olsa daha əfzəlraq, daha əkmalraq olar. Sərfnaz xanım bir tağa şal və on tümən ağanın qabağına qoyanda Böyükxanım da bir tağa kirənbaha şal ilə on tümən pul ağanın qabağına qoyub deyirdi: Ağa, az oldu, bizi bağışla, inşallah iş qurtarandan sonra Münəvvər səni özü razı edəcəkdir. Sərfnaz xanım Qulam xan tərəfindən vəkil oldu. Beş yüz tümən məhriyyəsi olmaq şərtilə ayini-nikah icra olundu. Sonra hər kəs öz evinə döndü. Böyükxanım da öz evinə gəlmişdi. Amma Rzaqulu xan və Münəvvər xanım huşa gəlməmişdilər. Bu vaxt gündüz saat bir radələri idi ki, doktor öz məxsusi faytonu ilə Rzaqulu xanı görməyə və Münəvvəri təhsilə aparmaq üçün gəlmişdi. Doktor içəri daxil oldu. Heç kəsi görmədi. Böyükxanım danışılan söhbətlərə qulaq vermək üçün qaçıb pərdə dalına keçmişdi. Nökərlər də eşikdə faytonu Rzaqulu xanın kaliskəxanəsinə çəkirdilər. Doktor əyləşib Rzaquluxanın kravatının qarşısında boş bir səndəldə Münəvvərin başına əl çəkir. Münəvvər xanım sərasimə gözlərini açıb başının üstündə öz məhriban əmisi mənziləsində olan doktoru görüb həyasından yorğanı başına çəkmək istəyirdi. Çünki Münəvvər büsbütün qiyafətdən çıxmışdı. Doktor — Qızım, kefin necədir? Münəvvər xanım — Gərək ki, siz mənim kefimi yaxşı bilmişsiniz, çünki bir necə dəqiqədir mənim qiyafətimə, tüklərimə baxıb təbəssüm etmək istəyirsiniz. Doktor — Yaxşı iranlı qızı olmusan! Eybi yoxdur, amma böyük əziyyətdir. Baxıram səndə heç bir naxoşluq yoxdur, ancaq nədənsə çox qüssə etdiyindən qəlbin qayət müztəribdir. Münəvvər xanım — Gərək ki, qüssəm də sizə mə’lum olmuşdur. Lakin məni məşğul etməkdən ötrü söhbət açırsınız. Qulamhüseyn nökər doktora çay gətirdi. Doktor isə bir istəkan Münəvvər xanımdan ötrü gətirdib ona içirdirdi. Münəvvərin xoşuna gəlmədiyi üçün məhz doktorun xatirinə içirdi. Balaca Münəvvərin ümdə diqqəti üstündəki nazik yorğanına idi. Çünki haman yorğan bir az kənar olsa idi iranlıların, xüsusən təbrizlilərin gödək, qısa qiyafətləri, yaxud insanı güldürən əlbisələri doktora görsənəcək idi. Bu isə Münəvvər xanımı ziyadə düşündürürdü. Lakin hər bir sözdə ədəb dairəsini riayətlə doktorun bütün fərmayişatına bəli, bəli! deyirdi. Doktor — Qızım, nə üçün iki gündür dərsdən qalmısan? Olmaya bu az naxoşluğu ünvan eləmisən? Münəvvər xanım — (Ağlıya-ağlıya) naxoşluğum dərsdən qalmağım üçün deyil də bəs nədir? Doktor — Bala, bir de görüm axı dərsdən niyə qaldın? Münəvvər xanım — Bəxtim, taleyim bu işləri məndən də yaxşı bilir. Çünki hər işimi onlar bərçidə edir. Doktor — Qızım, doğru söylə görüm nə üçün dərsdən qaldın? Münəvvər xanım ağlamağına şiddət verib dedi: əmi, bax gör anam məni necə bədbəxt elədi. Bax, mənim libaslarım nə haldadır? Doktor gülə-gülə yenə Münəvvərin başına əl çəkib deyir: qızım, heç ağlama! Sən gərək bu tövr libası bir saat da olsa əynivə salıb xəyal edəsən müayinə görəsən ki, sənin iranlı bacıların bu libaslardan necə əziyyətlər çəkirlər, necə rüsvay olurlar, çünki bu əlbəsəni insan iste’mal eləməz! Münəvvər xanım ağlayıb yorğanı üstünə çəkmişdi. Amma doktor öz-özünə deyirdi: bilmirəm bu cəhalət biçarə müsəlman övrətlərinin içindən nə vaxt çıxacaqdır. Biçarə Rzaqulu xan tələf olub ömrü fənaya gedib, biçarə İranda hər kəsə baxır fərəh görmür. Doktor ağlayırdı. Amma Rzaqulu xan da gözlərini açıb doktoru görüncə ayağa qalxmaq istədi. Doktor əlini onun çiyninə qoyub, qardaş rahat ol, deyə yenə yerində yatırdı. Amma yatmış yerdə təarifati-rəsmiyyəni əmələ gətirirdi. Doktor Rzaqulu xana təsəlli verib deyirdi: heç qorxma, sənin ayağa durmamağın naxoşluğun şiddətindən hasil olan zə’fdən deyil, ancaq bir yanın üstə çox uzanmısan ə’sab damarlar quruyubdur. Ancaq çox fikir eləmə! Məni istəyirsən başqa işlər danış, başqa romanlar oxu, məşğul ol! Naxoşluğun qorxulu deyil! Rzaqulu xan — Qardaş, mən necə gecə-gündüz ağlayıb vətən üçün fikir etmiyim? İndi mənim əziz vətənimin qorxulu vaxtıdır, daha burada təsəlli yeri yoxdur ki. Doktor — Gərək sənin kimi zatlarda tabi-müqavimət olsun. Beş günlük qüssə ilən meydandan qaçmasın! Vətənin qüssəsini çəkib çarə və islahına çalışmaqda heç kəsə macal verməsin! Sən də beş gün qüssə səbəbinə ayaqdan düşərsən, əvvələn öz övladın, ikinci bu başsız camaat nə qayıra bilərlər? İndi mənə buyur görüm nə üçün yatmısan? Mən necə gün bundan qabaq sənin gözlərinə və saır yerlərivə baxmışam, səndə bu tövr mərəzlərin zühuruna imkan yox idi. De görüm başıva bir qəzamı gəlmiş? Rzaqulu xan — Mənim naxoşluğuma səbəb öz ailəmizdir. Aparıb hamamda qızın libaslarını dəyişdirdikdən az qalmışdım ki, özümü aləmin dərd qüssəsindən qurtarım. İndi iki gündür ki, ürəyimdə bir kuppultu vardır. Bir də elə bil ki, gözlərimin damarlarını çəkirlər. Gözlərimi əsla açmaq istəmirəm. Başım da çox ağrıyır. Gecələr çox narahat oluram, yemək içmək də yoxdur. Doktor bir az fikirdən sonra Rzaqulu xanın bədənini müayinəyə başlayır. Doktor qabaqca Razaqulu xanın üzünü mülahizə edirdi. Çöhrəsi qayət solğun isə də yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. Qulaqlarının dalısı batmış, barmaq girəcək dərəcədə dərinləşmiş, gözlərinin üstü, qaşların uclarında çuxurlaşmış. Doktor Rzaqulu xanın göz qapaqlarının iç təbəqəsini mülahizə edirdi. Rzaqulu xanda bəzi mərəzlərin vücudilə, başqa bir əlaməti faruqədə dəxi görsənirdi. Doktor oftalmoskopu çıxarıb Rzaqulu xanın dimağını və bu kimi bə’zi nöqtələri diqqətlə mülahizə edib fikir edirdi. Oftalmoskopu buraxdıqdan sonra Rzaqulu xana — qardaş, başın necədir? Ağrısı daimidir, yoxsa hərdənbir çırpınır, yenə sakit olur? Rzaqulu xan — Başımdakı ağrı daimidir. Lakin şiddət də edir. Doktor bir az fikirdən sonra xanın sinəsini açıb sol əlini Rzaqulu xanın sol tərəfinə qoyub sağ əlinin işarət barmağılə mərizin nahiyeyi qəlbini xəfif surətdə döyüb qulaq verdi. Mərizin ürəyində qeyri-təbii bir gurultu, bir çırpıntı mülahizə olunması doktoru əmiq bir surətdə düşündürürdü. Bir azdan sonra steteskopu çıxarıb bir ucunu mərizin sinəsinə bir ucunu da öz qulağına qoyub mülahizə qılırdı. Mərəzin müxtəlif və mütərəddid olduğu üçün mərizin vücudunu əhatə edən əmrazın hansı muzürrdür, təşxis etmək olmurdu: Fəqət burası mə’lum olurdu ki, Rzaqulu xanın daxili ə’zaları qayət qorxuludur. Mərizin ə’zayi-daxiliyyəsinin fotoğrafını almaq, müayinə edib mərəzi təşxis etmək arzu olunduğu üçün rentgen maşınası lazım idi. Buna cəhət doktor bir məktub Qulamhüseyn ilə övrəti Liza xanıma göndərib rentgen maşınasını istədi. Qulamhüseyn rentgeni gətirdikdən sonra müayinəyə başladı. Doktor Rzaqulu xanı qaldırıb arxasında mütəkkalar olaraq sinəsini kamil açıb maşınanın qabağında oturtdurdu. Qəlbin, ciyərlərinin və sədrdə vaqe saır ə’zayi-daxilinin fotoğrafını aldı. Bir qədər mülahizədən sonra rəngi təğyir tapmışdı. Zira Rzaqulu xanın ciyərləri və ürəyi qayət qorxulu idi. Rzaqulu xan — Qardaş, olur ki, haman fotoğrafı mən də mülahizə edim? Doktor — Qardaş olmaz! Sən tibb əməliyyatını bilmədiyin üçün və o əməldə vuqufun olmadığı üçün içəri ə’zaların hey’ət və surətini görər isən nifrət edərsən. Olar ki, qorxarsan da, bizə müəllimlər təşrihxanədə deyirdilər, hər kəs ki, təbib deyil içərinin fotoğrafını ona göstərməyiniz; Rzaqulu xanı bu sözlər sakit elədi. Amma doktor fotoğrafı daimi surətdə mülahizə edirdi. Nə görürdü: Mərizin ürəyi qayət yığışıb kiçilmişdir. Ağ ciyərlər tökülüb bərhava olmuş. Lakin yaxşı mütəvəccəh və müdava olunarsa üç il dünyada ömr etməyə iqtidarı qalmışdı. Doktor xuddarlıq edə bilməyərək, gözlərindən yaş tökülürdü. Üzünü bəhanə üçün Münəvvərə tutaraq göz yaşını dəsmal ilə silirdi. Doktor bir azdan sonra mərizi öskürdüb boğazının suyundan mikroskopa qoyub baxdı. Aşkar olurdu ki, zavallı Rzaqulu xanın bədəni məhz qüssə və qəmdən əriyib qurtarmışdır. Doktor — Qardaş, çox qüssə eləmə! Yazı, kitab, jurnal ilə iştiğal etmə! Xüsusən bu günlərdə ruznamələrə heç baxma! Mümkün isə gedib bir neçə ay kəndlərdən birində qalgilən! İstərsən mən də gələrəm məşğul olarsan. Bacardıqca piyada olaraq gündə bir az dolanarsan, qəlbə səfa verən romanlardan oxumaq zərər verməz. Faciələr, tragediyalar oxumaq zərərdir. Övrətin Böyükxanımla çox oturub durma! Çünki onun müsahibəti səni həmişə qəzəbləndirir. Qəzəb də bu mərəzə çox zərərdir. Doktor bundan sonra Münəvvər xanıma mütəvəccəh olub deyirdi: — Qızım, bu gün vaxt keçmişdir. Sabah yenə tezdən gələcəyəm. Olqanı da gətirərəm bir yerdə paltarlarıvu geyib dərsə gələrsiniz. Doktor xanı və Münəvvəri vida edib xanəsinə döndü. Doktor Rzaqulu xanı və Münəvvəri vida edib xanəsinə döndükdən sonra Rzaqulu xanın yatağını bir sükunət əhatə etmişdir. Münəvvər xanım yoldaşlarını görmək, yenə təhsilə davam etmək üçün sübhi gözləyir, Rzaqulu xanı isə dərdinin, öz mərəzinin fikri deyil, övladının təhsilinin, vətənin xəyalı iştiğal etmişdi. Gecə yaxınlaşmış, Rzaqulu xanın otağında zəif işıqlı bir (noçnik) — yataq lampası yanır. Çırağın şö’ləsi yatağdakı aynalara düşüb Rzaqulu xanı narahat etməsin deyə xodu qayət alınmışdı. Nə Münəvvər yatırdı, nə də Rzaqulu xan. Münəvvər sübhün intizarını çəkirdi. Rzaqulu xan da sübhü fəqət doktorun gəlməsindən ötrü istəyirdi. Münəvvər tez-tez ağuşqalara baxıb öz-özünə deyirdi: Allah, bəs haçan sübh olacaq? Bu qaranlıq evdən haçan qurtaracağam? Böyükxanımın otağında kəmafissabiq çilçıraqlar yanır, lalələr şö’lələnir. Otağın aynabəndləri hər tərəfdən parlayır, şamların, lampaların əksi aynalara düşmüş, hər tərəf atəş içindədir. Böyükxanım isə işıqların içində vaqe olan bir qara bulud parçası kimi əyləşmiş, sandıqları açıb öz atasından gətirmiş çehizlərini tökub hansı Münəvvər xanıma layiq isə ayırıb bir tərəfə qoyurdu. Bir azdan sonra nökərlər, kənizlər hər kəs öz yatağına çəkildi. Yatmaq istəyənlər hamısı yatdı, qapılar bütün bağlandı. Lakin Böyükxanım otaqda dolanırdı. Qulam xanın vəslinə Münəvvər kimi bir qızı əsir verməklə çarə etdiyi üçün şadlanırdı. Əlini belinə qoyub otağı gəzə-gəzə oxuyurdu. Hərdənbir Münəvvərin üstə gəlib üstünü basdırırdı. Bağrına basırdı. Barakallah balaca qızım, deyə gözlərindən, dodaqlarından öpürdü. Münəvvər xanım — Ana, sən allah hələ sabaha çoxdur? Böyükxanım — Gülüm, sübhü nə edirsən? Yat, hələ axşamdır! Sən olasan mənim canım Münəvvər de görüm sübhü nə edirsən? Münəvvər xanım — Ana, sübh olan kimi əmim gələcək, Olqa da gələcək, yenə libaslarımı geyib dərsə gedəcəyəm, ana, sən allah sübhü mənə tez xəbər ver ki, yuxu məni aparmasın. Böyükxanım — Qızım, bir vaxt olacaq ki, sən sübhü axtaracaqsan. Amma nəinki dərsə getməkdən ötrü... Rahət yat! Sən dərsi nə eləyirsən? Dövlətin var, gözəllik vardır, bəsdir. Sənin nə işin vardır Olqa ilə, dərs ilə, onları yadından çıxartgilən. Daha səni təhsilə buraxmayacağam. Münəvvər xanım — Ana, məni istəyirsən dünyada rahat olum gərək ki, dərsdən, elmdən mən etməyəsən! Mənim boynuma bir haqq qoyarsan! Mən nə dövləti istəyirəm, nə də gözəlliyi, onlar insanın məcazi ziynəti isə də elm və mə’rifət insanlığın həqiqi ziynətlərindəndir. İnsaf elə, atam həyatda ikən məni mən etmə, qoygilən təhsil edim. Münəvvər xanım bu sözləri dedikcə Böyükxanım da onu öpüb iyləyirdi. Lakin Münəvvəri şad edəcək bir cavab vermədiyi üçün Münəvvər ucadan ağlayırdı. Bu ağlamaqdan sonra yuxuya gedib Böyükxanım da üstünü örtüb öz yatağına getmişdi. Çoxdan sonra Münəvvər xanım gözlərini açıb sübhün yaxınlaşmasını hiss edirdi. Lakin yəqin dərəcəsində deyil idi. Fəqət çoxdan sonra dəryaçada üzən ördəklərin səsi sübh olmasını yəqin etdirirdi, sübhün asarı getdikcə kəsbi isbat edirdi, şişə ilə qaranlıq təfriq ediləcək dərəcədə olduğundan ağuşqanın qabağında olan meyvə ağaclarının meyvəsi ilə yarpağı mə’lum olurdu. Bundan sonra Münəvvər gözünü ağuşqadan dolandırıb qapıya dikmişdi, zira yoldaşı Olqa xanım və əmisi doktorun gəlmək vaxtları yaxınlaşırdı. Amma Münəvvəri şiddətli bir qızdırma basmışdı. Gözlərini qızdırmanın şiddətindən açmağa imkanı yox idi. Doktorun, Olqanın gəlmələrinə müntəzir olduğu üçün taqətsiz gözlərini qapıya dikib durmuşdu. Bədbəxt, zavallı Münəvvər nicatı və cəhalət əlindən rəhayab olmağı doktorun, Olqanın vürudindən bilmişdi. Lakin sonralar rahi-nicatın məqsud və məfqud olduğunu düşündü. Təhsildən, elmdən, hətta dünyadakı həyatından naumid oldu. Otaqları işıq tutub günün zərrati şişələrdən içəri duşər-duşməz doktor Lui və Olqa xanım da başının üstündə əyləşmişdilər. Olqa xanım Münəvvərin başı üstündə əyləşib Münəvvərin üzünə baxır, rəngini qızarmış görüb babasına deyirdi: Baba! sən deyirdin naxoş deyil, indi Münəvvərin rəngi çox qızardığından görünür ki, naxoşdur. Doktor — Bəli, axşam naxoş deyil idi. İndi isə qızdırmışdır. Münəvvərin başına bir ağ dəsmal bağlamışlar, siması, çöhrəsi qızarıb, dodaqları quruyub, nəfəsi iti-iti çıxır, qayət sərianə surətdə nəfəs alırdı. Tez-tez dilini çıxarıb qurumuş dodaqlarını yalayır. Münəvvər xanım birdən-birə diksinib gözlərini açdı. Yanında Olqa xanımı görüb çox münfəil bir surətdə qollarını çıxarıb Olqanın boynuna saldı. Zira qiyafəti dəyişilmişdi. Münəvvər xanım — Olqa, sənin ayrılığın mənə bu mərəzin tə’sirindən şiddətlidir. Allah şahiddir ki, naxoşluğa razıyam, amma təhsildən və sizin söhbətlərinizdən məhrum olmağa razı deyiləm! İşimin axırından qorxuram, qabaqdakı maneə mənim bədbəxt olmağımı göstərir, allah o günləri göstərməsin ki, təhsildən qalım! Münəvvər xanım bu sözdə ağladı, Olqa xanım da ağladı. Olqa xanım da üzünü Münəvvər xanımın balışı üstünə qoyub ağlamağa davam edirdi. Münəvvər xanım bihuş düşmüşdü. Doktor isə Rzaqulu xana lazım olan davaları içirdib deyirdi: qardaş, naxoşluqdan bir fayda yoxdur. Dur ayağa avqust ayı yaxınlaşmışdır, uşaqları göndərək getsinlər təhsillərinə, bu il də keçsə çox çətin olar. Rzaqulu xanın bu sözlərdən bir az rəngi açıldı. Məqsədin hüsulunu yaxınlaşmış görüb bir az şadlandı, üzü doktora: – Qardaş, bir neçə gün səbr elə, Münəvvər də yaxşı olsun, xudanəkərdə, yollarda naxoş olsa uşaqlara əziyyət verər. Amma burasını səndən təvəqqe edirəm əvvəlcə qardaşın Rasinə yazasan ki, mənim hörmətimi riayətən zəhmət çəkib aparıb Münəvvəri yerinə qoysun. Doktor — Qardaş, o barədə fikir eləmə! Olqa da Münəvvər ilə bir yerdə oxuyacaqlardır. Ancaq siz uşaqların tədarükünü tez görəsiniz. Rzaqulu xan — Tədarük filan lazım deyil. Ümdə tədarük puldur ki, o da ingilis əmanətxanəsindədir. Sizə də lazım olsa çek verərəm alarsınız. Doktor — Bizə pul lazım deyil! İndi neçə ildir ki, qənaət etmişəm, bir ilin xərcləri ilə yol məsarifini düzəltmişəm! İnşallah yenə qənaət edib düzəldərəm. Hərgah olmasa da evdə artıq fərşlər də vardır satıb göndərərəm. Amma gərək avqustun beşindən keçməsin! Bu vaxt doktor getmək istəyirdi. Lakin Olqa getmək istəmirdi. Münəvvəri də aparmaq istəyirdi. Doktor isə qızım, naxoşdur indi getməsi mümkün deyil! Bir də iki gün dərs də olmayacaqdır. Səbr elə, bir az yaxşı olsun gələr. Bu cəhətə Olqa xanım Münəvvəri vida edib atası ilə bərabər xanələrinə döndülər. Böyükxanım da rəngi ağarmış yataq otağına girib xişm ilə Rzaqulu xana deyirdi: Bəli, bundan sonra Münəvvəri qoyacağam getsin, Firəngistana!! Rzaquluxan — İnsaf elə, başımı ağrıtma! Frənkistana gedən kimdir? Sən öz dilivi danışa bilmirsən, indi bildin ki, biz nə danışırıq? Böyükxanım — Mən görmürəm ki, Şvetsariya, Münəvvər sözü danışırsınız? Mənim də əqlim vardır! Vallah ona da Qulam xan deyərlər, onun nişanlısını Frənkistana göndərənin kökünü kəsər. Rzaqulu xan — Mənim qızımı Qulam xana kim nişanlı qıldı? Mənim uşağıma kim vəkildir? Məgər şəriət yox? Allah yox? Mənim gözüm baxa-baxa kimin nə cür’əti vardır ki, mənim övladıma bu zülmü rəva görsün? Böyükxanım — İstəyirsən məni öldürgilən, eşiyə salgilən, mən getdim, verdim, Mirzə Rəhim ağa kəbinini kəsdi. Sən iki nəfər oğlanlara vəkil ol! Mən də bir nəfər qızıma vəkil oldum. Qulam xana verdim. Rzaqulu xan yerindən hövlnak qalxıb ağlaya-ağlaya Münəvvəri basıb bağrına deyir: Evim yıxıldı, qızım! Yaxşı elm təhsil elədin, yaxşı arzularıma nail oldum! Münəvvər xanım da Rzaqulu xan da qəşş edib bir yerə yıxıldılar. Amma bu gündən hər ikisi şiddətli naxoş oldular, daha ayağa durmaqları mümkün deyil idi. Doktor Lui, Olqa xanım və sairləri Münəvvərin, Rzaqulu xanın iyadətinə gəlirdilər. Doktor, Münəvvərin bədbəxt olmasını anlayıb deyirdi: heyif ki, Münəvvərin qəlbində olan arzular nəhayətə yetişmədi. Onun təhsilə olan məhəbbəti çox böyük idi. Münəvvər xanım və Rzaqulu xan naxoş yatırdılar. Avqust ayının beşi də yetişmişdi. Doktor oğlunu, qızını təhsilə göndərirdi. Avqust ayının beşi, Rzaqulu xanın yazı xanəsində vurulan saat səkkizi çalmışdı. Rzaqulu xan mərəzin şiddətindən özünü bilmir, çırpınır, o səmtə bu səmtə dönür, sinəsi döyünür, iztirabını aşkar edirdi. Münəvvər xanım da qızdırmanın şiddətindən, öz təhsilindən naumid olmaq qüssəsindən narahat və bir iztirab içində idi. Böyükxanım da əlindəki xakəndaz içindəki atəşin içinə bir az üzərlik tökub Münəvvərə tüstü verirdi, dua oxuyurdu, onun xəyalınca Münəvvərin naxoşluğu göz dəyməsindən imiş. Bu heyndə qapı açıldı, doktorun oğlu, qızı səfər libasında olaraq atalarının məiyyətində Münəvvəri və Rzaqulu xanı vida üçün gəldilər. Qabaqca doktor Rzaquluxanın əhvalını soruşurdu, ona təsəlli verirdi: Qardaş, heç qəlbini sıxma, qəza həmişə insanın başındadır. Amma mən də bədbəxt oldum. Sənin yanında xəcalət qaldım. Dünən sübh saat beşdə Hacı xan və Pərviz xan Münəvvərin bədbəxtliyini eşidib bir çox ağladıqdan sonra Lizadan sizə gəlmək üçün izn hasil edirlər. Bu gün sübh eşidirəm hər ikisi bir faytonda Tehrana qaçmışlar. İndi siz nə məsləhət görürsünüz? Mən onları yolda tutdurum, yainki dallarınca getmək məsləhətdir? Rzaqulu xan — (Ağlaya, ağlaya) xudavənda, mənim arzularım övladımın əsir və dərbədər olması ilə xatəməpəzir oldu. Daha mən ömrü istəmirəm, mən bundan sonra hansı vəsilə ilə vətənə xidmət edim? Qol-qanadım sındı; vətənimə rəxtxab içində yatmaq ilə kömək edə bilmərəm, vətən məndən də naxoşdur. Allah, daha diriliyim ruhuma əziyyətdir! Zavallı Rzaqulu xan bu sözlərdən sonra qəşş eləmişdi, doktor da dəsmalını gözlərinə basıb uşaq kimi ağlayırdı. Jorj və Olqa xanım da Münəvvərə məşğul olub ona təsəlli verib deyirdilər: qardaşlarımız Tehrana qaçdı, sən də bədbəxt oldun, bizim sizin musahibətinizdən əlimiz çıxdı, indi Parisə yola düşürük. Ağlamaq və ayrılığın acı hissləri bizi Parisə qədər müşayiət edəcəkdir. İndi bacı, sən də al bizim siz ilə bir yerdə aldırdığımız təsviri. Yanında yadikar saxla. Hər vaxt xəyalında qardaşların və bizlər gələrsə bu əksə bax, ağla! Biz də öyləcə etməyi qərarlaşdırdıq! Bacı, biz əslən firəng övladlarıyıq, lakin iranlıyıq, çünki İranda doğulduq, İranı da çox istərik. Getdiyimiz Paris bizə vətən hesab olunursa müstəar bir gəlmədən ibarət qalacaqdır. İran bizcə bahalı bir şeydir. Əfsus ki, bizim kimi övladını insaniyyətcə tərbiyə etməyə qadir olmadığı üçün qürbətə vadar edir. Biz İranı Parisdən dost tutmaqdayıq. Fəqət Parisin darülelm və mənbeyi-insaniyyət olması bizi bu səfərdən bir az məmnun edir. Münəvvər xanım — (boğazı ağlamaqdan tutulmuş) Bədbəxt olan, elmdən, təhsildən məhrum olub bir nakəsə əsir kimi satılan bacınızı yadınıza salın, qardaşlarım qaçdı, yoldaşlarım da arzularının dalınca gedirlər, müsahibətləri ilə nəşvünüma etdiyim bütün munislər dağıldı: mən təkcə bir zalımın, bir insan qatilinin əlində əsir qalıram. Amma siz gəlib daha məni həyatda görməzsiniz. İrana qayıtdıqda müsəlmanlar arasında nəşri-maarifə çalışın! Qəbrim üstünə zəhmət çəkib gəlin, ruhum bəlkə bir axirətdə şad olsun. Məzar daşını vurun, məni gəlməyinizdən xəbərdar edin... Bir də bunu yəqin ediniz ki, sizin şirin müsahibətnizi və təhsilin qiymətli günlərini ruhum, məqərri-əbədidə də xəyalına gətirərsə, fəryad edəcək, fəganə gələcəkdir. Məni halal eliyin! Ah bədbəxt ana! Özün də bədbəxt oldun, mən də bədbəxt oldum, qardaşlarım da! Sənin elmsizliyin bu ailəni dərbədər etdi! Məni əcələ, qardaşlarımı qürbətə verdin. Atam isə rəxtxab içində sızıldayır. Münəvvər xanım bu sözlərdən sonra qəşş elədi. Olqa xanım, Jorj və ataları qalxıb faytona rakibən Parisə yollandılar. Doktor da evinə getdi. Rzaqulu xanın isə bütün sənələrcə çəkdiyi arzular xitamə yetişdi. Naumid oldu, mərəzi də şiddətləndi. Axşam olub Rzaqulu xanın və Münəvvər xanımın yataq otağını qaranlıq tutmuşdu. Qulamhüseyn nökər stulu ayağının altına qoyub əlində kibrit, lampanı yandırırdı. Bir tərəfdən də Böyükxanım şad və xürrəm gümüş padnos içində iki istəkan kəmrəng çay gətirmişdi. Çırağın şəfəqi Münəvvər xanımın gözlərinə düşdükdə yuxudan ayılıb, yaxud qəşş aləmindən huşa gəlib vida üçün başı üstünə gəlmiş yoldaşlarını axtarırdı. Yuxudan gözlərinin nisfi açılmış, nisfi açılmamış halda əlini o tərəf bu tərəfə atıb gah Jorj, gah Olqa səsləyirdi. Lakin heç kəsi görə bilmirdi, və də bir səs eşidə bilmirdi. Nəhayət naumid əllərini sinəsinə qoyduqda əlinə bir paket təsadüf etdi. Ruhu, hissi haman paketə məşğul olduğundan Qulamhüseyndən lampa istəyib oxumağa başladı. Məktub kimdən idi? Jorjdan və Olqa xanımdan yazılmışdı. Məzmunu nə idi? Aşağıdakı dilsuz məqalədən ibarət idi: məhəbbətli bacımız! Səni vida üçün gəldik! Qəmli bir lisan, aləməfza bir üslub ilə danışdıq. Əfsus ki, səndən son vidada bir söz eşitmək müvəffəqiyyətinə nail olmadıq. O axırıncı kəlməni biz çox qiymətdar hesab edirik. Zira, bizim dilimizdə, qəlbimizdə qiyamət olunca ruhumuzun da yanında bir yadikari-qiymətdar olmaq üzrə hifz ediləcək idi. Sən və sənin şirin müsahibətin gözümüzdə mücəssəm duracaq idi. Sənin son vidadakı vəziyyətin, halətin də çox faciəanə idi. Haləti-qəşşin bizi ağlatdı, o müsibətli dəqiqələr, o faciəanə saat, niskil və təhəssürlə malamal olan ürəyimizdə nəqşpəzir oldu. Camalın solmuş, xəzan fəslində peşiman-peşiman pərdəsini atan güllər kimi ağarmış, kamincə açılıb bacın və qardaşınla danışmayan dodaqların xəzanə təsadüf etmiş qönçələr kimi qaralmış, rəngi-təbiisindən çıxmışdır. Filhəqiqə sıhhət və salamətinə talib olduğumuz Münəvvərin bu halı pək ağlamalı, pək qüssəli idi. Lakin bizə yaxşı meymannəvazlıq edəmədiyin üçün darılma, xəcalət çəkmə! Zira sənin o halətin ixtiyari deyil, məcburi bir iş idi. Bizdən sonra anam Lizaya gedib təsəlli verərsən! Anam da sənə təsəlli versin! Hər ikiniz ağlayın, zira ki, bizlər də ağlayırıq. Məktubumuzu Parisdən və Şvetsariyadan gözlə! Meyriban və bədbəxt bacımız, salamat qal! Əlinizi sıxıb ayrıldıq! Sizin mühubbiniz: Jorj və Olqa» Münəvvər xanım məktubu ağlaya-ağlaya büküb sinəsinə basdı, sonra başının üstündən Olqa xanım verdiyi təsviri götürüb baxmağa başladı. Münəvvər xanım təsvirdə ən əvvəl öz qiyafətinə baxıb təhsil zamanlarını dərxatir etməklə ağlayırdı... Gah Jorj, gah Olqa, gah da öz qardaşları ilə iştiğal edib ağlamaqda idi. Şiddəti-təhəssürdən yerindən çıxıb qaçmaq istədi, lakin neçə günün şiddətli naxoşluğu bədənində qüvvət qoymadığı üçün otağın nisfində yıxılıb qəşş elədi. Rzaqulu xan yerindən qalxıb balam öldü! — deyə qışqırır. Öz-özünə deyir: xudavənda mənim övladımı dağıdıb təhsildən qoyanların, mənim evimi dağıdanların divanını elə. Allah, məni öz insaf və mürüvvətimin yanında xəcalət qoydular... Münəvvər xanımı qulluqçular rəxtixabinə saldılar. Bir azdan sonra huşa gəldi, yenə əvvəlki suziş və fəryadi-təhəssürünə davam edirdi. Amma Böyükxanım da öz-özünə deyirdi: allah o adama divan eləsin ki, övladımın başına uşaqlıqdan sövda saldı. Qız nə bilirdi ki, Şvetsariya nədir? Frənkistan haradadır ki, indi ora getməkdən ötrü qəşş eləsin? Hələ utanmır da danışır. Münəvvər xanım da əlindəki təsvirə baxıb qardaşlarını müxatəb etməkdən çəkinmirdi: Qardaşlarım! Gözümün işıqları! Ruhumun, cismimin ənisləri! Bədbəxt Münəvvəri kimin ümidinə tapşırdınız? Olqaya, Jorja isə onlar da məni öz dərdimə, qüssəmə buraxıb vida etdilər. Mən bu qaranlıq evdə qaldım, amma bu qaranlığa razıyam. İnsafsız və meyribanlığın əksincə olan anam ona da razı olmur... Məni əsir olaraq satır. İnsan alış-verişi mənim üzərimdə təcrübə olunur. Mən əsir gedirəmsə də sizin qürbətzədəliyiniz mənim əsarətimdən də qəlbimcə müəlləmdir. Təhsildən qalmaq dərdini, naxoşluq xülyasını, əsirlik bəlasını büsbütün unutmuşam. Fəqət sizə məşğulam. Çünki siz qürbət görmüyubsunüz, siz atanızın ziyarətinə Ermənistandan xiyabana gələndə nökər və fayton ilə gəlirdiniz: indi qorxulu, xətərli əllərdə sizə yolda kimdir? Siz gecələri iki qardaş bir də bacı bir otaqda yata bilmirdiniz, bir halətdə ki, bütün mücavirət və ziyarətdən asudə idiniz. İndi hansı murdar və kəsif karvansaranın bucağında qısılıb yatmısınız? Tükdən rəxtxab, təmiz və lətif kravatda yatmağı istəmirdiniz, indi heç rəxtxabınız da varmı? Libasınızı təbdil edib, çay, təam hazır edən varmıdır? Ah, xudavənda cəhalət nə təxribedicidir? Görəsən ilahi, bizim kimi də İran mülkündə bədbəxt olan bəndə vardır? (Anasının dalınca) Ana, heç kəs də sənin kimi bədbəxt olmadı. Sən hələ bilmirsən öz-özünə nə zülm elədin, tutduğun işlər bizim qapının bağlı qalmasına böyük isbatdır. Heyif qardaşlarım, heyif atam, amma mən öz ölməyimi istəyirəm, çünki qız uşağının istiqbalı o qədər də gülməz, qüssə, ələm, ağır təhmilatdan ibarət bir dövri-mənhusə olar. Rzaqulu xan bihuş, Münəvvər ağlamaqda idi. Amma Böyükxanım da fürsəti qənimət bilib, sahibi yaxşı olub ayağa durmamış Münəvvərin işini düzəldib köçürtmək istəyirdi. Otaqları ziynətləndirib lazım olan bə’zi şeyləri bazardan aldırırdı. Sonra gəlib əlini Münəvvərin başına qoyub deyirdi: Bala ağlama, dur bir az otur, çox da ağlama! Fikir eləmə! Sabah səni köçürdəcəyəm, görərsən Qulam xan necə oğlandır, sonra bir para işləri yadından çıxararsan. Münəvvər xanım — Ana, mənə rəhmin gəlsin; məni bu uşaq vaxtımda özgələrin qapısına buraxma! Qoygilən atam evində bir loğmaya iktifa edib oturum. Ana, mənə qəbri təklif elə, nəinki Qulam xanın evinə getməyi, ana, allah xatirinə mənim bu əsirlik və iztirabıma rəhm elə, bu xəyalından əl çək, indi mən cəmi qüssələrimi buraxıb qalmışam qürbətzədə qardaşlarımın dərdinə, ana səndə heç övlad məhəbbəti yoxdur? Böyükxanım — Qoygilən qardaşların murdar firəngin evində qalınca gedib allahın yaratdığı Tehranda qalsınlar, nə eybi vardır. Atan da öz-özünü həlak edir, ona mən nə qayırım? Sən də gedib məşğul olarsan, heç dinmə. Münəvvər xanım — Ana, allah məni sabaha qoymasın: mən övrətliyi, yaxud əsirliyi bacarmaram, özümü öldürəcəyəm. Axşamdan sübhə qədər Münəvvər xanım yatmadı, uşaqlığın məs’ud günlərini, təhsilin qiymətli saatlarını mücəssəm edib gələcəkdə, yə’ni mənhus olan istiqbalında gördüyü bəlalarə, müsibətlərə müqabil qoyaraq ağlayırdı, tainki gün çıxmışdı. Böyükxanım qonaq otaqlarını döşəyib ziynət verdirmişdi. Ortalıqda müzəyyən xonçalarda əlvan şirniyyat və sair Şərq adətincə ləvazimati-məşrubat, halviyyat döşənmişdi. İki gün əvvəl Münəvvərin zifafına də’vət olunmuş xanımlar yavaş-yavaş gəlib yuxarı başa keçirdilər. Böyükxanım da ayaq üstündə gələnlərə yer göstərir, hər bir xanımı özünəməxsus və münasib bir yerdə oturdurdu, hər kəsə bir xoş dil deyib danışdırır, hər kəsin özünə layiq qəlbini alır... Digər birisinə: sən allah, niyə qızı ərə vermirsən? Ərə getməli vaxtından da keçibdir. Bizim Münəvvərdən üç ay da böyükdür — deyib məzah edirdi. Sonra bir özgə övrətə, allah oğluva, bacın uşaqlarına qismət eləsin! Mən də inşallah gəlib oynucağam, siz allah bir toy başlayın, görək başımıza nə gəlir. Vallah qüssədən bağrım çatladı, deyirdi. Yenə bir əlahiddə xanıma dönüb deyirdi: qızlar, sizin cümləniz təzə ərə getmisiniz, hamınızın da toyunda oynamışam, indi gərək hamınız oynuyasınız, hətta Münəvvəri də gətirib oynadacağam! Gərək özüm də oynuyam, boşuna deyil, bu qız toyudur, iki oğlanın başında bir qız tapmışam, gərək arzumu götürüm. Böyükxanım otaqda dolanır, gülür, danışır, birisini dəsmalı ilə vurur, birisinə qaş atır, birisinə də göz basıb gülür, keçir, əyninə faxir libaslar geyib Şərq və İran övrətlərinə məxsus ziynətləri bütün-bütünə riayət etmişdir. Başında nazik zərinə mə’cər, altından tükləri görünür, mə’cərin uclarını çənəsindən qaytarıb çiyninə salmışdır. Əynində atlas nimtənə, boynunda qızıl və mərcanlar hər tərəfdən asılmış, qulaqlarında mirvarid ilə düzülmüş guşvarələr, əynində sayir İrana məxsus libaslar geyib otaqda gəzirdi. Üzünü sazəndələrə tutub deyirdi: Bir yaxşı çalın, özüm oynuyum, mən bilərəm əvvəlcə kimi oynatmağa qaldıracağam... Sazəndələr şövqilən çalırdılar, Böyükxanım da düşüb ortalıqda oynayırdı, övrətləri bir-bir qaldırırdı. Ortalıqda olan övrətlərin oynamaqlarının xatirəsi üçün ətrafda əyləşən övrətlər də əllərini bir-birinə çalırdılar. Bir-birinə mərbut olan otaqlar elə gurultu tutmuşdu ki, qulaqları tutmamaq mümkün deyil idi. Ortalıqda olan şirnilərdən sərf olunub ayaq üstündə olan xanımların başına (dühəzari) iki qranlıq gümüş pullar şabaş edirdilər. Bu vaxt sazəndələr dairələri əllərinə götürüb «Tahir Mirzə» hekayəsini oxuyub çalırdılar. Amma Böyükxanım da səsini onların səsinə qatıb şövqilən oxuyurdu. Sonra Böyükxanımın yekanə rəfiqələrindən bir-bir, iki-iki, Münəvvərin başı üstə gəlib öz əqillərinə, qanacaqlarına görə nəvaziş edirdilər, üzündən öpürdülər, amma Münəvvər xanım ağlayırdı. Göz yaşı balışa tökülürdü. Heç kəsə cavab vermirdi, heç kəsi də danışdırmırdı. Ancaq danışdığı mazisi və istiqbalı idi, daima mazisini vida etdiyi kimi, istiqbal və halına nifrin edirdi. Kah da Olqanın vidaindəki yazılan məktubunu oxuyub göz yaşına şiddət verirdi. Lakin Münəvvər xanımın bu qədər müsibətinə giriftar olan qəlbi təhəmmülə malik olmadığı halda bir başqa müsibət də üz verirdi. O müsibət nə idi? Məşhur məşşatə Leylabəyim xanımın Münəvvərə ziynət vermək istəməsi idi. Bəylərbəyinin övrəti Şahnəvaz xanımın məşhur məşşatəsi Leylabəyim gəlib Münəvvərin başı üstündə deyir: Münəvvər, allah qoysa, bəzəkdən yaxşı çıxacaqdır. Sizə deyirəm bir saatdan sonra bu bir gəlin olsun ki, bütün Təbrizdə barmaq ilə göstərsinlər. Bəxtəvər Qulam xan! Gör bir neçə mələk-huri kimi qıza sahibləndi!? (Münəvvər xanıma) sən də çox təpik atma, Qulam xan özü səndən də gözəldir! Bütün Təbrizdə şöhrəti vardır. Tez ol, dur o biri otağa, bəzədim qurtarsın! Münəvvər xanım bu sözləri eşitdikdə rəxtxab içində bihuş olan atasına baxırdı, gözlərini yaş ilə doldururdu. Bu isə bir istimdaddan ibarət idisə də fayda vermirdi. Çünki Rzaqulu xan və o əzəbiyyat mücəssəməsi baxırdı, eşidirdi, amma cavab vermək iqtidarına malik deyil, ancaq qızının istimdadiyanə göz yaşı tökməsinə müqabilə edirdi. Münəvvər xanım atasından naumid olduqdan sonra dönüb Böyükxanıma, xələcanla Leylabəyimə cavab verdi; səndən xahiş edirəm ismət və hesiyyata xələl yetirən sözlər danışmayasan! Səndən kim sual edir ki, Qulam xan neçədir, yainki məni tə’rif etmiş sənə nə hasil olacaq? Bunlar cəhalətdən başqa bir şey deyil! İnsaf elə, sənin sinninə, qocalığına bu sözləri danışmaq yaraşarmı? Leylabəyim xanım — Dinməz, söyləməz dur keç o biri otağa, bəzədim qurtar! Vaxt keçir. İndi fayton gələcək, aparırıq, bir də təzə gəlin çox dil uzatmaz! Sənin bu sözlərinin şikvəsini, kileyini Şahnəvaz xanıma eliyəcəyəm. Münəvvər xanım — İnsaf eləyin məndən nə istəyirsiniz? Bir mülahizə eliyin! Özüm naxoş, təhsildən, arzudan naumid, yoldaşlarım gözüm görə-görə öz arzularının dalınca getdilər, nazpərvərdə iki qardaşım qürbətdə qalıb, atam rəxtxabda, vallah indi bu saat mən özümü təzə dünyaya gəlmiş bir səğir uşaq hesab edirəm ki, cəmi işləriniz mənə təəccüblü gəlir. Çünki mən gözümü açıb özümü bir firəng övrətinin təhti-tərbiyəsində görmüşəm. İndi buna cəhət sizin cəmi işləriniz mənim nəzərimdə əql və insaniyyətə müğayir bir şey kimi görünür. İndi mən sizin cəmi işlərinizə biganəyəm, bir də insanı bəzətmək, şəkildən şəklə salmaq nə mə’na verir? Allah xatirəsi üçün məni incitməyin, məndə taqət yoxdur, qəbrə getmək, əsir olaraq bir zalım kişinin əlinə tapşırılmaq üçün ziynət nə gərəkdir? Münəvvər xanımın bu suzişli əczi cəhalətə bir tə’sir bəxş edəmədiyi üçün övrətlərdən birisi külə-külə onu qucaqlayıb bəzətmək üçün xali bir otağa keçirdilər. Amma Münəvvər deyirdi: Xudavənda, məni öldür, qurtarım, bu müsibətlərə taqətim yoxdur. Münəvvər xanımı taxtın üstündə yatırdılar. Leylabəyim məşşatə başının üstündə əyləşib ona ziynət verirdi. Münəvvər xanım öz bəxtindən şikayət etməkdən başqa daha başqa iqadamatə mütəcasir deyil idi, öz bəxtinə xitabən deyirdi: ah mənim bəxtim, sən heç gülmədin! Sən məni bir vaxt uşaqlığın zamani-səfalətində, kəhvarələrdə, kah nənnilərdə əsla qanmaqsızın saxladın sonra mənə muavinət edəcək, yar olacaq kimi göründün! Mən şadlandım, məsrur oldum, indi mən anladım ki, o müvəqqəti və müstəar məsruriyyət öz-özümü məsxərə edəcək kimi bir işdi. Zira ey naməs’ud bəxtim, sən məni o müvəqqəti məs’udiyyətimdə də istiqbal xəyalına mübtəla edib aləmi düşünməyə, danışmağa, gülməyə də qoymurdun... Mən istiqbal xəyalı ilə çırpınıb dəhrin girdablarında qütəvər olurdum. İndi anladım ki, sən o vaxt kənardan durub mənə gülürdün. Məsxərə edirmişsən. İndi mən qərq olacaq hala qaldım, mazini, istiqbalı da unudub, halımı da itirib sənin təftişində əl-ayaq atıram, çırpınıram. Ey bəxt, hərçənd əməl və arzu sahibi olan qızlara ölüm çox acı və zəhərlidir, lakin cəhl ilə həmmeydan olub nəhayət cəhalətə məğlub olmaq, cühhalə təslim olmaq pək acı, pək zəhərnakdır. Balaca Münəvvər sızıldayırdı, Leylabəyim də ziynət verməyə başlayırdısa, bu fikri bir fikiri-məcnunə idi, zira sənətin təbiətə qarşı daima bir iş və təbəddulat əmələ gətirə bilməməsi göz önündə olduğu üçün Leylabəyimin Münəvvərin çöhrəsində mövcud olan təbii və xudadad bir ziynətə sün’i olaraq bir ziynət əlavə etməsi cinayətdən başqa bir şey olmazdı. Üzünə ziynət verirdilər, lakin gözlərindən axan sirişki-təhəyyür, əşki-təhəssür ziynətləri yuyaraq təbiətin sənayeyə qarşı mətanət və izhari-qüvvət etməsini aşkar bildirirdi. Bəxtsiz balaca Münəvvər təzəcə sürmə çəkilən şəhla gözlərinə xitabən deyirdi: ey doyunca bir işıqlı aləm görməyən gözüm, ey qaranlıq və zülmətdən kənar olmayan göz mərdüməki! İndi sənin ətrafında bir qara xətt də çəkildi, ağlamaq bacararsan isə ağla, o qaranlıq hasarı seylabi-əşk icrasına müqtədir isən seylabə ver!!! Dağıt! Münəvvər xanım gözlərini ətrafa dolandırdığda göz yaşı tökub sürməni, sayir ziynətləri yuyub tökürdü. Ondan sonra Münəvvər daranıb toplanmış zülflərinə, saçlarına xitabən yalvarırdı: ey nəzafət və təmizliyinə çalışdığım tüklər, indi mən əsir oluram, siz də mənim zəncirim kəsildiniz!!! Məğlubiyyətin, əsirliyin müqəddəməsini siz mənə acı bir lisan ilə ixtar etdiniz! Münəvvər xanım bütün ə’zasını dəryad edib nöqtəbənöqtə müxatəb edib ağlayırdı. Gün batmışdı. çıraqlar da yanmışdı, amma neçə müddət idi ki, heç bir çörək və bişmiş təam sərf etməmiş idi, buna cəhət yavaş-yavaş qəşş halətinə gəlib başı yerə düşdü, nə ağlamaq, nə də gülmək bacarmırdı. Bu vaxt bəylərbəyinin faytonu qapıda dayandı. Bəylərdəyinin övrəti Şahnavaz xanım, dalınca nökərlər, qaravaşlar gəlin aparmağa gəlmişdilər. Şahnavaz xanım Münəvvərin başı üstünə gəlib üzündən öpüb deyirdi: dur ayağa, rahrast min faytona gedək! Özünü yalandan ölüm adilə adlandırma, naxoş olma! Ondan sonra da Böyükxanım gəlib məzəmmət edib deyirdi: Qız, allah xatirinə məni rüsvay eləmə! Dur dinməz-söyləməz düş qabaqlarına get! Münəvvərin qorxu və iztirabından ürəyi döyünürdü, ağzı, boğazı quruyurdu, tez-tez dilini çıxarıb nazik dodaqlarını isladırdı, deyirdi: Siz allah, məni bircə atamın yanına aparın. Ona bir deməli sözüm qalıbdır. Münəvvəri yenə övrətlərdən biri qucaqlayıb atasının yanına apardı... Münəvvər kamali-şiddətlə ağlayıb atasının rəxtxabinə döşəndi. Münəvvər xanım atasını rəxtxab içində qucaqlayıb ağlaya-ağlaya danışdırırdı: Baba, allah xatirinə məni bunların əlindən qurtar. Baba, bu nə bəladır mən uşaq vaxtımda düşdüm? Mənim anamın allahı yox, peyğəmbəri yox? Xudavənda belə şəriət, belə də məzhəb olar? Belə müsəlmanlıq olar? Mən nə vaxt ərə getməyə, əsir olmağa ixtiyar verdim? Hansı insafsız bu əsirliyi rəva gördü? Ondan sonra atasına yalvarıb deyirdi: Baba, əlacın varsa elə! Məni bunların əlindən qurtar. Baba, məni qoyma aparsınlar, mənim dərsdən, yoldaşdan, qardaşdan naumid olmağım bəs deyil? Baba, vallah mən bu əsirliyə tab edə bilmərəm! Zavallı Rzaqulu xandan səs eşidilmirdi, çünki evdə övrətlərdən çıxan hay-huy və səslər səbəbinə qəşş eləmişdi. Münəvvər xanım babasından səs eşitmədiyi üçün anasını çağırıb deyirdi: Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin, deməli sözlərimi deyib gedim. Mən bilmirəm ki, sənə nə təqsir etdim ki, mənim həyatıma qəsd elədin! Ana, gəl mənim bu bir sözümü yerə salma! Atamın evində bircə saat qalmağa mənə imkan ver. Böyükxanım — Qız, ağlın başında olsun, huşun olsun! Bəylərbəyinin övrətini burada məəttəl qoyma, övrət-uşaq hamısı ayaq üstə məəttəldir. Tez qalx düş yola, xalqı bizə güldürmə! İnsaf elə, mən səni bir ağıllı qız bilirdim. (Münəvvər xanım üzü övrətlərə) Siz yəqin eləyin ki, bu cəhalət müsəlman övrətlərini dağıdacaqdır. Mənim ərə getməyə, kişi görməyə hər kəs olursa-olsun, rəğbətim yoxdur. Məni əsir aparan məndən asudəlik gözləməsin. Mənim asudəliyim qurtardı, çünki qəlbimin istədiyi şey ancaq elm təhsil etmək idi, mənim əməlim yarımçıq qaldığı üçün dünyada qalmağı istəmirəm. Bu dərdlər məni öldürəcəkdir. Yainki intihar edəcəyəm. Münəvvər xanım da qəşş eləyib atasının üstünə düşdü. Bəylərbəyinin övrəti Şahnavaz xanım alnını ovub huşa gətirmək istəyirdi. Rzaqulu xanın evini bir gül-ğülə tutmuşdu. Övrətlərin hər birisi bir söz deyirdi. Amma Böyükxanım da qaravaşlara xitabən: Götürün qoyun faytona, eşikdə başına sərin hava vurandan sonra ayılar. Balaca və bəxtsiz Münəvvəri atasından qəşş aləmində ayırıb faytona qoydular, fayton qapıdan uzaqlaşıb zavallı Münəvvəri apardı. Əcəba hara aparmaq istəyirdi? Münəvvərin bütün əməl və arzusuna xatimə çəkən Qulam xanın əsiredici zindanına! Münəvvər getdi, Rzaqulu xan da bir neçə saatdan sonra gözlərini açıb nə Münəvvəri, nə də evdəki övrətlərdən bir nümunə gördü. Ancaq Qulamhüseyn nökər bir küşədə əyləşib yanındakı qulluqçulara deyirdi: Gördüz Böyükxanım necə daş ürəkdir? Yazıq atasını görmək üçün bir saat möhlət istədi ona da razı olmadı, biçarəni qəşş aləmində faytona qoydular. Doğrudan, Münəvvərin bu işi gəlin getmək deyil, ata evindən məcburən qovulmaq kimi bir şeydir. Bilmirəm bu övrətin həyatı nədir. (Sonra öz-özünə) yə’ni onun xəyalını kim bilmir ki, hamı bilir də! Rzaqulu xan ucadan ağlayıb, ah yazıq, tərbiyəli Münəvvərim! Heyif mənim müqəddəs arzularım! İlahi, cəhalət nə yaman şeydir deyə təzədən qəşş elədi. * * * Üç ildən sonra Rzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı. Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin. Böyükxanım — Kişi, allaha bax! Peyğəmbərə bax! Mənə təzə dərd artırma! Mən bilirəm Münəvvərə nə zülm elədin, öz sağlığında hissəsini özünə vermədin ki, kişisinin yanında dili uzun olsun. İndi — bir saat öləcəksən, onda mən Qulam xana nə cavab verəcəyəm? Böyükxanım bu sözləri dedikdən sonra ağlayırdı. Rzaqulu xan da üzünü Böyükxanıma tutub deyirdi: ağla, ağla! O qədər ağla canın da çıxsın. Sənin cəhalətin cəhətinə gözümün işıqları oğlanlarım qürbətdə qaldı. Dudmanım gora çıxır, (öz-özünə) ah oğlanlarım, indi siz nə işdəsiniz? Balalarım, mənim dövlətimi biganələr dağıdır, amma sizə layiqli xərc də göndərə bilmirəm. Oğlanlarım, ömrümə bir gün qalıbdır. Sizi bir görmək mənə müyəssər olmadı, ananız sizi də, atanızı da bədbəxt elədi. Bacınızı da bir mütrüb bəyin gözəlliyinə qurban kəsdi. Böyükxanım — Ay evin başına uçsun kişi, ömrünün axır çağında mənim başımı ağrıtma! Bizim yerdə göydə bircə qızımız vardır, sən bilirsən ki, qız uşağının qəlbi sınıq olar. Qoy oğlanlar bir-iki il də qürbətdə artıq qalsınlar, nə olacaqdır? Qulam xan da hənuz cavandır, əqli başına gələndən sonra gedib özü uşaqları Tehrandan gətirər. Sən bilirsən ki, Münəvvər də onun evinə gedəndən bu günə qədər ona övrətlik eləməyibdir. Elə naxoşdur ki, naxoş. Rzaqulu xan şiddətlə ağlayırdı, çünki üç il müddəti nə Münəvvər atasını görmüşdü, nə də Rzaqulu xan Münəvvərin evinə gedə bilmişdi, hər ikisi şiddətli naxoş olduqlarından hərəkətə qadir deyil idilər. Rzaqulu xan ağlaya-ağlaya övrətinə deyirdi: Qulam xanın huşu başına gələnə qədər mənim sümüklərim də qəbirdə torpaq olacaq, yüz Münəvvər olsa qüssəmərək olacaq. Biçarə bədbəxt qızım, mən düçar olduğum mərəzlə dünyadan gedəcəkdir. Yazıq qızım! Sahibsiz, atasız, anasız qızım! Qızım, kaş bədbəxt atan əvvəldən ölüb qurtarmış olaydı, sənin üç il müddəti naxoşluq xəbərini eşitmiyəydi, mən deyirdim sənə Qulam xan manedir ki, mənim iyadətimə gəlmirsən, indi bildim ki, amansız mərəz səni ayaqdan salıbdır. Bir az ağladığdan sonra allaha şükür edib deyirdi: xudavənda, sənə çox şükür edirəm ki, mən bu İranda binasız da olsa bir məşrutə e’lanını gördüm. Çox təəssüflər olsun, zamani-istibdad mənim bədənimi qurtardı, bu azadiyyət, hürriyyət zamanında öz millətimə və vətənimə sərbstanə xidmət edə bilmədim. Xudavənda, mən bu vətəndən pərvəriş tapdım, bu vətənə xidmət edəmədiyim üçün mənə bazxast eləmə! Çünki övladi-vətənin cəhaləti məni çoxdan ayaqdan salmışdır. Bu vətənimdə necə ki, sən agahsan, çox çalışdım, çarəpəzir olan dərd tapa bilmədim. Yaxud mən çarə edəcək iste’dadına malik deyil idim. Xudavənda, övlad dedikdə məni övladpərəst hesab edib vətənin övladını fəramuş edənlərdən hesab etməsinlər; bu xasiyyət, sinfi-bəşərdə olduğu üçün məndə də müvəqqəti zühurə gəlir. İlahi, indi bir dəqiqə keçmədi ki, övladımı, malımı, canımı unutdum, onların kaffəsi vətənin bir dəqiqə səadətlə, ədalətlə idarə olunmasına qurban olsun. Mən övladımı istəyirdim ki, tərbiyəli olub vətən övladının əlindən yapışsınlar, atalıq məhəbbəti üçün mən övlad üzünə baxmadım, onları mən tərbiyə etdikdə, övladım deyə, tərbiyə etdirmədim, bəlkə vətən qulluqçuları, deyə tərbiyə etdirdim. Lakin analarının cəhaləti məni naumid etdi, xudavənda, məni bağışla! Vətənin üzünə bir işıqlı qapı aç! Rzaqulu xan ağlayırdı, allaha yalvarırdı. Böyükxanım da başını tərpədib, gül başuva, yenə hələ hədərən-pədərənindən əl çəkməyibdir. Bu vaxt xaricdən Qulam xanın səsi gəlir. Böyükxanım da üzünü Rzaqulu xana tutub deyirdi: kişi, kəs səsivi, Qulam xan gəlir. Sonra eşiyə tərəf üzünü çevirib deyirdi: buyur Qulam xan, buyur, buyur. Qulam xan salam verməksizin evə daxil olub, əlində çubdəst, gözlərində qızıl bəndli çeşmək, əlində əlcək o tərəf bu tərəfə dolanıb, başına hərəkət verirdi. Çox gözlədikdən sonra, üzünü Böyükxanıma tutaraq deyirdi: – Hə, əmicanı, cənab xan müşürül-ətibba verən dəvaları içdi? (öz-özünə) içsə də, içməsə də, iş işdən keçibdir. Müsyö Lui tülküdən də çox bilir. Dünən deyirdi ki, qardaşım dünyada iki gündən artıq qala bilməyəcəkdir. Amma Böyükxanım Qulam xanın kefini pərt görüb danışdırmağa cür’ət etmirdi, ancaq Qulam xanın qabağında ayaq üstə durub əlində papiros çəkirdi. Axırda Qulam xan yenə üzünü xişmlən Böyükxanıma tutub deyirdi: Mən siz ilən nə çarə qılım? Başıma nə daş salım? Rəhmətliyin uşağı, bir insaf eləyin, mürüvvət eləyin! Mən təngə gəldim axır! Böyükxanım özünü itirib əlindəki papirosu atıb deyirdi: nə var Qulam xan? Nə var axır?! De görüm yenə nə eşitmisən? Qulam xan ağacının ucuyla Böyükxanıma işarə edirdi: – Mən çox eşitmişəm, mən zəhrimar eşitmişəm, xeyli xub, keçən gün rasta bazarda Hacı Qasım çayfuruşdan, Dəllaləzən ağzında Məşədi İbrahim ağa Simsardan dükanların icarəsini alıb hara xərc eləmisiniz? Eynəyi çıxarıb cibinə qoyub deyirdi: çox əcəb, Hacı Seyid Hüseyn Dübəndidəki çörəkçixanələrin nə üçün kirayələrini almısınız? Təqsirin hamısı məndədir. Qulam xan səsini yoğun çıxardıqca Rzaqulu xan yerinin içində sızıldayırdı. Üzü yarısına qədər üstündəki yorğanı ilə örtülmüş deyirdi: Allah, ölürəm, məni bağışla! Böyükxanım, məni bir az qaldır, başımın altını çək, başım çatlayır, nəfəsim darıxır. İndicə öləcəyəm. Heyif! Səd heyif! Arzularım gözümdə qaldı, bu bədbəxt millətin səadətini görə bilmədim. Qulam xan — Əlbəttə öləcəksən, əlbəttə başın çatlayacaqdır, sənin öz əqlindəndir ki, başıva bu bəlalar gəldi. (Böyükxanıma) de görüm bu qədər pulu hara xərc elədiz? Xub, hələ eşidirəm ki, istəyirsiniz teleqraf edib uşaqları Tehrandan gətirəsiniz, yenə xəyalınız odur ki, var-yoxu xərc qoyub Firəngistana göndərəsiniz? Nə vardır ki, xanlar gərək firəngcə, inkilisçə, almanca dil öyrənsinlər. Böyükxanım əlini qoyub Qulam xanın çiyninə yalvarırdı, əcz eləyib deyirdi: ay Qulam xan, bir insaf elə, mürüvvət elə, heç bilirsən sənin üstündə mənim başıma nələr gəlib? Oğlanlarım qürbətə qaçdı, dedim, Qulam xan sağ olsun. Sahibim qüssədən dıq naxoşluğuna düşdü, dedim yenə Qulam xan sağ olsun. Barı sən də gəl bir insaf elə! Qulam xan bu sözlərdən öz tərzi-məqalatinə daha da təğyir verib deyirdi: əlbəttə, indi Qulam xana dil uzadarsan. O vaxt ki, Qulu Soltanın yaxşı varı-dövləti var idi, özüm də on doqquz yaşında, bəylərbəyinin yanında əvvəlinci müqərrəblərdən idim, onda sənin qorxundan dəvəçi qəbiristanına həmdi-surə oxumağa da gələ bilmirdim. Hər yerdə görmüşdün, başlayırdın olmaz ki, olmaz, gərək Münəvvəri verəm sənə. Məni o qədər dəng elədin ki, axırda ləbüddən özümü bu bəlaya giriftar elədim. Böyükxanım — (gözləri yaşla dolmuş), Qulam xan, insan naşükür olmaz, sən hardan Münəvvər kimi gözəl, köçək tərlan kimi qız tapacaqsan? Bismillah, o sənin bəylərbəyin Nəzərəli xanın övrəti, o da sənin övrətin Münəvvər, bax gör hansı çox gözəldir? O ki, qaldı var-dövlətdə özün bilirsən ki, misli-manəndi yoxdur. Böyükxanımın sözü qurtarmamış gözlərindən yaş tökülürdü. Qulam xan Böyükxanımın ağlamağını görüb bir az xişmini azaltmışdı. Böyükxanımın qəlbini almaq üçün əlini çiyninə qoyub deyirdi: Mən səndən rəncidə deyiləm, sən də məndən rəncidə olma! Mən demirəm ki, Münəvvər gözəl deyil, onun gözəlliyində bütün Təbrizdə qız doğulmayıbdır. O ədəbdə, o təmkində qız yoxdur. Hərçənd mənim üzümə məhəbbətlə bir gülməyibdir, amma yenə mən rəncidə deyiləm! Çünki onun bir sözü həmişə mənim yadıma düşəndə onu incitmək istəmirəm. Bizim evə gəldiyinin ikinci günü ağlayırdı, mən səbəbini soruşdum, hətta dedim ki, olmaya məni istəmirsən ki, ağlayırsan? Münəvvər bu sözü eşitdikdə mənə çox müəssir bir cavab verdi. Böyükxanım — Qulam xan, sən allah nə dedi? Qulam xan — Münəvvər çox söz dedi, amma mənim yadımda qalmır, ancaq qabaqca dediyi bu sözlər yadımda qalır: Mən səndən qabiliyyətli, səndən gözəl adam tapa bilməyəcək idim, çox gözəlsən, xəluqsan, lakin mən istədiyim bunların heç birisi deyil. Mənim sinnim nə gözəllik, nə də məhəbbətə müvafiq bir iste’dada malik deyildir. İndi mənim təb’im təhsili, tərbiyəni dost tutur, məni bağışla! Mən uşaqlıqdan elm təhsil, tərbiyə kəsb edirəm, ancaq təzə düşünürdüm ki, insanlıq nədir, bu isə yarımçıq qaldı. Buna cəhət mən kişi muaşirat və müsahibətinə bir növ’i biganə sayılıram. Məni bağışla. Qulam xan bu sözləri dedikcə Böyükxanım kah gülürdü, kah da ağlayırdı. Sonra yenə Qulam xan sözünə davam edirdi: Amma Böyükxanım, qızın qayət bədbəxtdir. O gün xarab olaydı ki, mən siz ilən qohum oldum. Sizin bədbəxtliyiniz məni də bədbəxt elədi. Atam öldü, özüm də bəylərbəyinin yanından çıxım, qəza gətirdi, vurdum vəliəhdin durüşkəçisi (faytonçusu) naib Vəlini öldürdüm, var-yoxumu qan bahasına verdim, daha bundan artıq nə olsun? Böyükxanım — Əvvəla budur, atan öldü, allah işidir. İkinci, bəylərbəyinin yanından çıxdın, yenə Münəvvərə nə dəxli vardır? Sənə kim deyirdi ki, get gecə yarıya kimi, Şahnavaz xanımın otağında qal, bəylərbəyinin yanında Şahnavaz xanımla gül, zarafat elə? Bilmirsən ki, bəylərbəyinin acığına gələcək idi? Bir də budur ki, qocalana kimi pişxidmət ola bilməzdin ki, yenə axır çıxacaq idin! O ki, qaldı dövlətin qan cəriməsinə getdi, ona da Münəvvər nə eləsin, qəzadır, alnında nə yazılıb o olacaqdır. Öz dövlətin getdi, sağ olsun Rzaqulu xanın dövləti. İnşallah, uşaqlar da Tehrandan gələr, mal-dövləti qismət eliyib rahat dolanarsınız. Qulam xan, uşaqlar gələr, adını eşitdikdə xişmlənib ucadan deyirdi: Uşaqlar gələr! Uşaqlar gələr! (öz-özünə) Uşaqlar gələr malı qismət elərsiz: uşaqlar getsinlər Tehranda ən’ümən olmağa, məşrutə istəməyə, mən gecə-gündüz zəhmət çəkim, o kəndə, bu kəndə qaçıb yayın istisində 30 kəndin mədaxilini cəm eliyim, sonra uşaqlar gəlsin hissə götürsün? (Böyükxanıma) Bax, mən Qulam xanam! Qulu Soltanın oğluyam, dünyada hər iş görmüşəm! Hər fırıldaq çevirmişəm, mən dünyada mərdanə doğulub ömr eləmişəm, bax sizə deyirəm, mənə nə otuz kəndiniz lazımdır! Nə də həştad beş dükanınız gərəkdir, nə də 10 karvansara işimə gələr! Nə də Hökmvardakı səbzkarlıqlarda təməim vardır. İstəyirsən daha da xatircəm olasan, nə də Münəvvər lazımdır. Gedib bu saatda yola salaram gəlsin. Qulam xan bu sözlərdən sonra qapıları çalıb getdi, amma Böyükxanım kamal hüzn ilə dizlərinə çalıb ağlayıb deyirdi: Yaxşı evim yıxıldı, yaxşı başıma daş düşdü, anası ölsün Münəvvərin bilirəm ki, gedib indi başına nə iş gətirəcəkdir. Özünü döyüb deyirdi: öl qurtar, Böyükxanım, daha dünyada niyə qalmısan? Rzaqulu xan ucadan ağlamaq səsinə gözlərini açıb həzin-həzin Böyükxanıma deyirdi: Mən ölürəm, adam göndər Nəsrüddövlənin evinə, teleqraf eləsin, uşaqlar gəlsinlər! (öz-özünə) heyf vətənimin xoşbəxtliyini görə bilmədim. Böyükxanım — (xışmnak) Bax, sənə deyirəm, bu tövr sözləri bir danışdın, bir də danışsan çıxıb damda elə haray təpərəm ki, aləm yığılıb başıva tökülər. Barakallah kişi! Barakallah kişi! İstəyirsən Münəvvərin çörəyi qan ilən yoğrulsun? Heç səndə murüvvət yox, insaf yox? Rzaqulu xan ah çəkib yavaş-yavaş deyirdi: insafın olsun, adam göndər teleqraf eləsinlər! Çox danışma, mən ölürəm! Böyükxanım — Bax, özün bil, teleqraf edərəm gəlsinlər! Amma Qulam xan da bir inadın birisidir, ya uşaqları tələf elər, yainki qıza talaq verər. Qərəz, özün bilərsən. Böyükxanım nökərləri Qulamhüseyni Nəsrüddövlənin evinə göndərəndən sonra (öz-özünə): görəsən dünyada mənim kimi bədbəxt adam vardır? Aləm həsrət çəkir ki, mənim Qulam xan kimi damadım olsun, qapımdan girsin, amma biz özümüz bais oluruq onun bizdən uzaqlaşmağına. Qərəz ki, allahın məsləhətinə şükür, olsun! Allah mənim bir günümü Qulam xansız eləməsin! Yaxşı qapım bağlandı. Anası ölsün Münəvvərin, üç ilin gəlinidir dünyada bir üzü gülmədi. Dil bilməz sahibin, namehriban atanın əlindən qızın sümükləri də əriyib qurtarmış, bədəni çöpə dönmüş. Keçən həftə doktorun övrəti Liza qızı görüb ağladı. Deyirdi: Münəvvər, mən xəyal edirdim ki, indi sən böyük qız olmusan, amma daha da kiçikləşmisən, əbədən bizdə dərs oxuyan Münəvvərə oxşamırsan. Bu vaxt axşam idi, evi qaranlıq basmışdı, Rzaqulu xan da adam göndərib vəsiyyət eləmək üçün müsyö Luini yanına çağırmışdı. Lakin Rzaqulu xanın halətı büsbütün dəyişmişdi, gözləri qaralıb sinəsi darıxırdı. Nəfəsini sür’ətlə aldığından sinəsinin ağırlaşması mə’lum olurdu. Amma öz-özünə yavaş-yavaş deyirdi: xudavənda, sən məni öz qardaşlarıma ə’za yaratmışdın ki, dünyada onlara muavinət edəm, amma çox çalışdım bir xidmət edə bilmədim. Vətənin, millətin pişrəfti üçün hansı iqdamata müraciət etdim, hökumət kişilərinin xəyanəti cəhətinə naumid oldum. Arzum, əməlim qaralandı. Özüm də müttəhim oldum. Xudavənda, öz əzəməti-cəlalın hörmətinə o xainləri bizim vətənimizdən uzaqlaşdır. Onların vücudilə vətən səadət tapmaz, millət gülməz. Məni bağışla xudavənda! Öz övladıma vəzifəm olan tərbiyə və tə’limi verə bilmədim, onları qanuni-bəşəriyyəti ifa etmək üçün mədəni və insaniyyətpərəst insan edə bilmədim. Onlar da öz elmsiz, tərbiyəsiz olduqlarından vətənə layiqli xidmət edə bilməyəcəklər. Bu isə vətənimizdə olan cəhalətdən naşidir. Rzaqulu xan danışdığı yerdə qəşş elədi, bu vaxt doktor Lui və övrəti Liza gəlib Rzaqulu xanın başının üstündə əyləşmişdilər. Doktor Lui Rzaqulu xanın qarşısında əyləşib qabağında miz üstündə çay qoyulmuşdu. Lakin nə doktor, nə də övrəti Liza xanım çay içmək istəmirdilər. Liza xanım Təbrizdə öyrəndiyi azərbaycan lisanilə Böyükxanım ilə söhbət edirdi, Rzaqulu xanın mərəzinə dair danışırdı. Doktor hərdənbir stateskopu mərizin sinəsinə qoyub mülahizə edirdi. Kah da əlini alırdı əlinə üzünü çevirib övrətinə deyirdi: heyif oldu Rzaqulu xan, çox kamil insan idi, çox sədaqətli adam idi. Biçarə vətənini nəhayət dost tuturdu. Əfsus ki, sabah saat on ikiyə qədər dünyada qalmağa bədənində heç bir qüvvət qalmamış. İndi az-çox hərəkət olsa da sinəsindən yuxarı hissəsindədir. Sair əzayi-səfilə ruhi vida etmişdir. Rzaqulu xan gözünü açıb başının üstündə doktoru və onun övrəti Liza xanımı gördükdə ağlaya-ağlaya deyirdi: Qardaş, məni halal eləyin. İranda sizə lazımı mehmannəvazlıq edə bilmədim. İndi axırıncı gündür ki, dünyada qalacağam, bu, özümə yəqindir. Nə üçün iki gündür məni tək qoyub yanıma gəlmirsən? Mən sizi İrana gətirməkdən qəsdim özüm üçün bir yoldaşlıq idi. Lakin yenə təəssüf edirəm ki, öz məhriban yoldaşımı Paris kimi vətənindən kənara salıb İran kimi hənuz mədəniyyətə uzaq bir məhəldə tək-tənha qoyub dünyadan gedirəm. Gərək sən də məni bağışlayasan! Bu sözlərdə doktor və övrəti Liza xanım nəhayət şiddətlə ağlayırdılar. Doktor, Rzaqulu xana təsəlli üçün, qardaş, qorxma, səni yaxşı edəcəyəm, mərəzin o qədər qorxulu deyil, deyə təskin edirdi. Rzaqulu xan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira, doktorun sözlərinin təsəllidən ötrü olduğunu anlamışdı. Rzaqulu xan yenə ölüm halında vətəni xəyalından çıxarmayıb soruşurdu: qardaş, Tehrandan səhih bir xəbərin varmıdır? Doktor — Bəli, vardır, xanlar salamatdırlar, ola ki, bu gündə, sabahda gəlsinlər. Siz verdiyiniz çeki banka verib çoxdan beş yüz tümən alıb göndərmişəm. Rzaqulu xan nəfəsini sür’ətlə alıb deyirdi: Qardaş, mən Tehrandan xəbər istəyirəm, xanlardan istəmirəm. Mən oğlanlarımdan naumidəm, çünki elmsiz insana ümid bağlamaq olmaz. Zira onlar vətənə bir xidmət edə bilməzlər. Mən vətəni istəyirəm. Doktor — Bəli! Bəli! Məhəmmədəli şah təzədən qur’ana qəsəm edib məşrutəni hifz eləsin. Rzaqulu xan bu sözü eşitdikdə durub oturmaq istədi isə də bədənində qüvvət olmadığından yenə arxası üstə uzanıb deyirdi: – Mən İranda üsul-idarəni təbdilini gördüm, Məhəmmədəli şahın axiri-karını görməyi arzu edirdim, lakin heyf olsun, onu görə bilmədim. Qardaş, sən yəqin elə, başında Məhəmmədəli şah kimi bir zat rəyasət edən ölkəyə idareyi-məşrutə-qanun əsası əbədən yaraşmır. İranda ya məşrutə olmaz, olsa da Məhəmmədəli şah xəl olunub rə’si-hökumətə başqası keçər. Zira, Məhəmmədəli şahda ədalət, müsavatla məmləkəti idarə etməyə iste’dad yoxdur. Bundan sonra yer üzündə məşrutəsiz, qanunsuz məmləkət olmaz, buna cəhət Məhəmmədəli kimi layiqi-müsavat və ədalət olmayan bir şəxsin xəl’i və tərdi də təbiidir. Məhəmmədəli şah İrandan çıxdığda mənim qəbirim üstünə gəlib məni baxəbər edərsən. Rzaqulu xanın bu sözündən doktor ağlayaraq deyirdi: Parisdən sizi teleqramla baxəbər etmək mümkün isə edərəm. Allah eləməsin sənin başına bir iş gəlsin, mən daha bir də İranda qala bilmərəm. Rzaqulu xan, Liza, Böyükxanım da ağlayırdı. Rzaqulu xan — Siz məndən ötrü ağlayırsınız, mən isə vətəndən ötrü. Çünki mən qorxuram bu məmləkətə əcnəbi əli uzansın. Bir də səndən xahiş edirəm mənim oğlanlarım Tehrandan gələnə qədər İrandan Parisə getməyəsiniz, mənim mal-dövlətimdən uşaqlar gələnə qədər mütəvəcceh ol! Hərkah mənim övladım biçiz olub bu Təbrizdə bekar dolansalar, mənim ruhuma əziyyətdir. Çünki mənim düşmənlərim, bəlkə elm və tərəqqinin həqiqi düşmənləri, mənim ruhumun dalınca danışıb, görürsünüz İranda üsuli-cədid istəyən kişinin övladı necə sail oldu, deyə, tə’nə edəcəkdilər. Bir də təvəqqəm budur ki, mənim qəbrimin üstündə bir nişangah tikdir ki, məndən sonra övladım haman nişanə ilə dünyadan həsrətlə gedən atalarının qəbrini tapa bilsinlər. Bu vaxt yenə Rzaqulu xanın huşu dağılıb qəşş eləmişdi. Saat da ikini çaldığından doktor və övrəti Liza Böyükxanım ilə xudahafiz deyib getdilər. Amma Rzaqulu xanın kənizləri, nökərləri, hətta Böyükxanım da yanından ayrılmırdılar. Çünki ev əhlinin kaffəsi Rzaqulu xanın bir gecəlik evdə qonaq olduğunu düşünmüşdülər. Ancaq gecə sübhə kimi Rzaqulu xan çırpınıb kah dua oxuyurdu, kah vətənin müsibətlərindən, kah qızından, kah oğlanlarından deyib danışırdı. Böyükxanım da bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi, əcəba nələr düşünürdü? Zira gündüz Qulam xan ilə dalaşdığından bütün fikri, hissi, Qulam xanın və Münəvvərin yanında idi. Hərdənbir qapını açıb eşiyə çıxıb ulduzlara baxırdı, gecənin nə vaxtı olduğunu düşünüb yenə qayıdırdı. Fikir edirdi, öz qəlbində danışırdı: sabah kişi öləcəkdir, doktor gəlib mal-dövlətə sahib duracaq, bəs Qulam xan nə tövr olacaqdır? Qulam xan, mən və Münəvvərlə nə tövr rəftar edəcəkdir? Bu vaxt gün düşmüşdü, otaq işıqlanmışdı. Qapılar bir-birinə dəyib Münəvvər xanım ağlaya-ağlaya içəri girdi. Bütün gecə Rzaqulu xanın ailəsinə istibdadın dövri-mənhusəsi kimi uzanıb, çoxdan sonra ağuşqaların qarşısından minarə şəklində görünən Ərk sütunlarının və bürclərinin dalısından bir ziya parıldayırdı. Lakin kah İran məşrutəsi kimi mücahidinin hümməti sayəsində işıqlanırdı, kah irticanın qüvvətlənməsi üzərinə qaralıb qalırdı. Böyükxanım da başını qəm dizindən qaldırıb qapıya baxırdı. Guya qapıdan girəcək bir adam var idi ki, onun intizarını çəkirdi. Əcəba kimi gözləyirdi? Rzaqulu xan sübhün mərizə bəxş etdiyi müvəqqəti bir şəfa sayəsində gözlərini açıb ağuşqadan otağın dərü divarına sancılan günəşin əlvan və rəngli zərratına tamaşa edirdi. Öz-özünə deyirdi: ey günəş, sən çıxırsan, amma mən qrub edirəm. İndi mənim həyatımın günəşi təzə gün doğulduğu sırada qrub edir. Fəqət baqisən, mən hər vaxt sənin bu müsibətli məmləkətə səadətlə tabidə olmaquvu istəyirəm! Rzaqulu xan kah da qapıya baxırdı, deyəsən bir nəfəri gözləyir kimi mütəfəkkiranə baxırdı. Əcəba Rzaqulu xan kimləri gözləyirdi, oğlanlarınımı? Yoxsa bədbəxt Münəvvərimi? Yox! Yox! Zavallı Rzaqulu xan əzraili, mələkülməvtu gözləyirdi ki, bu qədər sənəlik gördüyü əsarətlərə vida edərək hürriyyəti-əbədiyyətə çəkilsin... Nagahan qapı açıldı, Münəvvərin qaməti gül şaxəsi kimi əyilmiş halda ağlaya-ağlaya içəri girdi, bədəni sabahın nəsimi toxunan şaxsar kimi hərəkətdə idi. Günəş üzü dəyişilib, fəqət zamani-qurubundakı zəif bir şüa qalmış. Yanaqları solmuş, bədən bütün-bütünə təbdil olunmuş, gözləri çuxurlaşmış, hər baxdıqca naumidlik, həsrət, müsibət gözlərindən nümayan idi. – Balaca Münəvvər içəri daxil olub üç il müddəti üzünü bir dəfə də olsa, görməyən atasının üstünə düşüb ağlayırdı, üzündən öpürdü. Rzaqulu xanın isə bədəni öz təbii iste’dadını qayib etdiyi üçün başının kasasında göz yaşı da qalmamışdı, fəqət bir-iki qətrə ilə gözlərindən seylabi-təhəssir axıdan Münəvvərinə müqabilə edirdi. Ata və qız ağlayırdılar. Lakin Böyükxanımı heyrət götürmüşdü. Zira Münəvvərin nə cəhətə ata evinə gəlməsindən şübhəli idi. Olmasın Qulam xan bizə açıq elədi, Münəvvəri döyüb eşiyə saldı? Buna binaən təkrar: Münəvvər qızım, nə var, nə əcəb gəldin? deyə isticvab edirdi. Münəvvər xanım isə ağlaya-ağlaya deyirdi: Ana, allah sənə insaf versin, öz həzzindən ötrü məni bəlaya giriftar elədin ki, axırı həlakətdir. Mənim təqsirim nə idi? Mən hansı xidmətimdə qüsurlu çıxdım? Bəs məni nə üçün əsirlər kimi satdın?! Məni bir adama əsir verdin ki, gecə-gündüz iki saat huşu başında olmur. Mənim doqquz yaşında ərə getməli vaxtım idi? Atamın bir parça çörəyi yox idi ki, mən yeyib oturum, rəhimsizlərin əlində əsir kimi qalmayım? Üç ildir ki, bir qaranlıq evdə dustaq qalmışam, özü də gecə-gündüz muzqançı Səfərəli xan ilə keflənib o biri otaqda yatır, mən də qorxumdan köksüz ağac kimi titrəyə-titrəyə subh edirəm. Böyükxanım sinəsinə çalırdı, ağlayırdı: qızım, de görüm bəs indi nə üçün çıxıb gəldin? – Nə olacaqdır, axşamdan əzrail kimi gəlib məni salıb qamçının altına ki, dur çıx mənim evimdən! İndi mənim naxoş və zəif bədənimdə qaralmamış, əzilməmiş bir yer qalmayıbdır. Vallah, mərəzin şiddətindən libaslarım bədənimə sürtüşəndə bədənim bütün sızıldayır, indisə qamçı və sillə dəyməyən bir yer yoxdur. Ana, bilmirəm bu necə şəriətdir? Bu necə müsəlmanlıqdır? Məni kim əsir verdi? Hansı molla, hansı şəriət qatili məni satdı? Böyükxanım — Qızım, heç ağlama! Övrət olanın həmişə gərək qabırğası ağacda olsun, övrəti döyərlər də, söyərlər də, döyüb eşiyə buraxarlar, gərəkdir ki, səbr eləsin, səs çıxarmasın. Heç bilirsən mən sənin bu yox olmuş atandan nələr çəkmişəm? Qızım, sənin başıva hər nə gətirdi sənin bu bədbəxt atan gətirdi. (Əli ilə çalır Rzaqulu xanın sinəsinə). Rzaqulu xan (hövlnak gözlərini açaraq) Övrət, üzün qara olsun, axır nəfəsimdə sinəmin taxtasını sındırdın. Allah məni tez qurtarsın, sənin əlindən tez qurtarım! (Münəvvərə) Bala, Münəvvər, üstümü aç, nəfəsim darıxır. Münəvvər xanım rəngi ağarmış atasının üstünü açıb sonra anasına kamali-mülayimətlə deyirdi: Ana, sən deyirsən ki, övrət olan şəxsə hər zülmü edərlər, gərək səbr eləsin. Bu səhvdir! Çünki ana, heç kəs heç kəsin haqqında təcavüz edə bilməz. Hər ikisi bir hüquq, bir ixtiyarda xalq olunmuş insan nə deyib bir-birinə təcavüz edər? Heç kəsi əsir olaraq bir nakəsə satmaq olmaz! Təcavüz haramdır, bilafərq hər kəs olursa-olsun. Kişi tayfasına övrətin itaəti ancaq şəriətin buyurduğu münasibətlədir. Nəinki kefi-məyəşa cəhətinə. Şəraitə müxalif hərəkət edən övrəti cəzalandırmaq lazımdır. Bil’əks vəhşilik, nadanlıqdan başqa bir işə zənn edilməz! Rzaqulu xan rəngi təğyir tapmış, rəxtxabın içində olduğu halda, aləmə təğyir vermək istədiyi sırada yenə gözlərini açıb Münəvvərin sözlərini eşidirdi. Yavaş-yavaş Münəvvəri yanına çağırırdı. Qızım, irəli gəl! Bala, irəli gəl! Münəvvər xanım yaxınlaşıb son nəfəsində övladını yadından çıxarmayan Rzaqulu xanı dərağuş etmişdi. Rzaqulu xan isə qolları qızının boynunda deyirdi: Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. Sənin bu dillərin vətənimdən dari-axirətə məni çox məsrur yola salır. Bir də sən heç xəyal eləmə ki, mən öz məhəbbətimi səndən götürmüşdüm! Qızım, sən Qulam xan kimi nakəsə əsir getdiyin gündən daha səni xatirimə də gətirə bilmirəm. Vallah sən həmişə mənim xəyalıma gələndə gözlərim yaş ilə dolur. Bihiss oluram. Sənin adın yanımda çəkiləndə arzu və amalımın natamam qaldığı gözümün önündə mücəssəm durur. Məni şaşdırıb qoyur. İndi bunları deməyə fürsət yoxdur. Çünki vaxt azaldı, amma lazımlı sözlərim çoxdur. Ancaq bilirsən ki, səni və qardaşlarını firəng evinə qoymaqdan mənim qəsdim nə idi? Qızım, hərçənd əvvəlcə səni yaxşı tərbiyə etdirdim. Amma sonra sən əsir düşən vaxtda sənə muavinət edə bilmədim. Sən çox yalvardın, amma mən kömək etmək qüvvətinə malik deyil idim. Mərəz məndə taqət qoymamışdı. Amma səndən xahiş edirəm mənə ölən vaxtımda bir yaxşılıq elə! Mənim bu sözlərimi qardaşların Tehrandan gələndən sonra onlara söylə! Söylə ki, naumid atanız ölən vaxtında sizə bu sözləri vəsiyyət etdi. Hərkah məndən sonra bu var-dövlətdən bir miqdar baqi qalırsa satıb yenə Avropada elm təhsilinə xərc edərsiniz! Öz vətəniniz olan İrana həmişə mal, can ilə xidmət edin! Amma məni də halal eləyin. Çünki mən sizin atalıq haqqınızı yerinə yetirə bilməyib layiqincə tərbiyə etdirə bilmədim. Qızım, bir də adam göndər doktor Lui hökumətə xəbər versin, mən ölən kimi gəlib bu mal-dövləti möhürlətdirsin. Mən bilirəm Qulam xan bizim axırımıza çıxacaqdır. Münəvvər xanım (ağlaya-ağlaya) baş üstə deyib qalxdı yazı stolunun başına, doktora bir məktub göndərdi. Anası Böyükxanım isə özünü döyüb çırpa-çırpa Münəvvər xanıma nifrin edib deyirdi: Qız, səni görüm üzün qara olsun, baxırsan naxoşun sözünə dövləti niyə möhürlətdirirsən? Allah səni mənə verincə bir daş verəydi divara qoyaydım. Sən heç bilirsən mənim başıma nə iş gətirirsən? Münəvvər xanım — Sən, Münəvvəri doğan gün xarab olaydı ki, bu günləri görməyəydi. Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəli-nə’mətinə ah-olar? Hərkah allah rast gətirsə mən bu gün ölsəm daha sizin Qulam xan ilə nə rabitəniz qalar? Bu nakəsdən ötrü qardaşlarımı qürbətə qaçırdığın bəs olmadı? Yenə atamın axır nəfəsində üzünə durursan? (Öz-özünə) allah bizlən Qulam xan arasında ədalətlə divan eləsin. Mənim elsiz, qardaşsız, atasız qalmağıma o bais oldu. Münəvvər xanım danışdıqca Böyükxanım da Rzaqulu xana və Münəvvərə nifrin edib yaman deyirdi: Rzaqulu xan isə dünya üzündə axırıncı kəlmələr olaraq danışırdı: Övrət, bəs elə! Üç ildir övladım qürbətdə, qızım həbsdə, özüm də rəxtxab içində sən ilən mübarizə edirəm. Allah səni öz lə’nətinə giriftar eləsin ki, dünyada mənə və övladıma cəhənnəm əzabı göstərdin. Övladımdan, vətənimdən, vətən qardaşlarımdan xəcalət çəkməyə də sən səbəb oldun. Doyunca nə övladıma, nə vətənimə baxa bilmədim, ancaq sən ilən mübarizədə ömrümü qurtardım. Əfsus! Əfsus ki, İranın xoşbəxt günlərini görə bilmədim. Rzaqulu xan bu sözlərdən sonra dua oxurdu, salavat söyləyirdi. Amma övrəti Böyükxanım xəşmindən ikiəlli Rzaqulu xanın başına çalıb deyirdi: Daş düşsün bu başıva ki, dünyada bircə qızın var idi, onu da ərinin yanında xəcalət qoydun. Rzaqulu xan xəfif surətdə bu hərəkətdən sonra əşhədu ənla ilahə illəllah, deyərək sonra, xudavənda, vətənimi işıq günə çıxart, deyə dünyadan hürriyyəti-əbədiyyətə çəkildi. Münəvvər xanım özünü ağlaya-ağlaya atasının bədəninin üstünə atıb başının tüklərini yola-yola deyirdi: Ata, mənim də dünyada ümidim kəsildi. Dünyada üzü gülməyən ata! Vətənin səadətini görməyib nigaran can verən ata! Əvam və qur’anda Yusif surəsini oxumayan Böyükxanım da Münəvvəri cənazənin üstündən qaldırıb deyirdi: Dur ayağa mən bunu tanıyıram! Qeyzi-qəzəbindən qəşş eləyibdir! Yenə özü ayılar. Bu vaxt eşikdən Qulam xan səslənir: durun başınızı örtün, Mirzə Rəhim ağa gəlir, mal-dövləti möhürləsin. Qulluqçular Münəvvəri qəşş halında bu biri otağa götürürlər. Böyükxanım da başında çadrşəb Qulam xana başsağlığı verib deyirdi: Qulam xan, xan əmindən yana sən sağ olasan. Bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin boynuna. Mal-dövlət möhürləndi. Zavallı Rzaqulu xanın, yaxud məşhur bir vətənpərəstin dəfn və kəfninə məşğul olub saat on iki radələri idi. Rzaqulu xanın tabutu üstə qara şal çəkilmiş qapıdan çıxırdı. Doktor Lui, dəxi Münəvvərin məktubuna binaən fayton ilə öz qardaşını görmək üçün gəlirdi. İstəkli qardaşının qara tabutunu görən doktor furajkasını yerə vurub ağlayırdı. Fransızca olaraq öz-özünə deyirdi: İranın işıqlı ulduzu nagahan qürub edib getdi. Doktor faytonu geri qaytarıb tabutun dalınca ağlaya-ağlaya gedirdi. Rzaqulu xan vətənin müqəddəs torpağında dəfn olundu. Öz vəsiyyətinə binaən doktor Lui əzəmətli və uca bir məzar daşı yazdırıb tarixi-vəfatilə bərabər qəbrinin üstündə tikdirdi. Daşın üzərində yazılan «Məqtuli-eşqi-İran Rzaquluxani-binamu nişan» kəliməti qəmkinanəsi indi də insanı ağladacaq dərəcədə oxunmaqdadır. Rzaqulu xanın vəfatından 16 gün keçmişdi, evin qapıları möhürlü, Münəvvər xanım naxoş, Böyükxanımın da başı qəm dizində idi. Zira Qulam xan qapıları möhürləyib açarlarını cibinə qoyub özü də daha Münəvvəri aparmaq istəmirdi. Buna cəhət Böyükxanımın əhvali nəhayət dərəcədə qarışmışdı. Oğlanları Pərviz xan və Hacı xan da atalarının teleqramını alan kimi çıxıb gəlmiş idilər, lakin evdən əsla eşiyə çıxmayıb, camaatın sərzənişinə düçar olmaq və Qulam xan kimi də nakəsi görmək istəmirdilər. Böyükxanım da ümidini Qulam xandan kəsib oğlanlarına meyli-məhəbbət etmək istəyirdi. Bundan ötrü çadrşəbini başına salıb Mirzə Rəhim ağanın evinə gedib qapıları açdırmaq istəyirdisə də oğlanları mane olub deyirdilər: biz qanırıq o nə tövr adamdır. Belə məlum olur ki, Qulam xan ilə əlbir olub bu dövləti yemək istəyirlər. Ancaq biz də gərək bir az səbr edək. Görək işin axırı nə tövr olacaqdır. Hərkah bu vətəndə bir ədalətlə rəftar edən bir hökumət, bir idarə olursa, biz onun vasitəsilə öz həqqi-məşruimizi tələb edərik. Biləks, biz də sayir iranlı qardaşlarımız kimi fəqrü faqə, zülmüsitəm içində ömr edərik. Münəvvər xanım da hərdənbir gözlərini açıb deyirdi: qardaşlar, tezlik ilə məni atamın yanında dəfn edərsiniz. Xoşa halınıza Tehranda olub bizim çəkdiyimiz müsibətlərə düçar olmadınız, mən də, atam da dərd-qüssə içində çürüyüb qurtardıq. Böyükxanım da çadrşəbini başına salıb Mirzə Rəhim ağanın evinə getməyə hazırlaşmışdı. Böyükxanım Mirzə Rəhim ağanın hərəmxanə qapısından daxil olub ağanın baş hərəmi Nisabəyim xanımın otağına daxil oldu: — Salaməleyküm Nisabəyim xanım! Nisabəyim xanım — Əleykəssalam, xoş gəldin, səfa gətirdin, əyləş görək. Balam, sən hara, bura hara? Nə əcəb səndən bizi yada salırsan? (Böyükxanım əyləşir): Allah ölənlərinizə rəhmət eləsin, uşaqların atası öləndən elə başım qarışıb, xatir, könül də edə bilmirəm. Nisabəyim xanım — Allah xana rəhmət eləsin, Mirzə Rəhim ağadan pulunu heç muzayiqə eləməzdi. Amma ağa da onun xatirini istərdi. Hətta bir gün mən qapı dalından qulaq verirdim, gördüm ağa, Rzaqulu xan rəhmətliyə gülə-gülə: «Biz iranlıların Firəngistanda oxuyanlarını nə qədər ki, düşmən bilirux, amma sizi bir o qədəri dost tuturux, çünki siz özünüzü o qədər məhbubülqülub etmisiniz ki, onların şəriətə vurduğu rəxnələr yadımızdan çıxır — deyirdi.» Amma Böyükxanım, sən bilmirəm niyə belə kəmiltifat olmusan ki, ayda bir, həftədə bir gəlmirsən? Allah bilir, ancaq sizin də xanın e’tiqadı bir az xarab imiş. Eşitdim ki, istəyirmiş uşaqları Firəngistana göndərsin. Aləm gəlir Təbriz mədrəsələrində dərs oxuyur. Odur Talibiyədə Hacı Səfər Əli mədrəsəsində min-min tələbə dərs oxuyur. O rəhmətlik də uşaqları murdar firənglərin içinə göndərirdi. Bəh, bəh, qəribə bədə’tiqad adamlar var imiş?! Mirzə Rəhim ağa buyurar ki, iranlılar həmişə laməzhəb olmağa tələsirlər. Ay rəhmətlik kişi, Təbrizin bu qədər həkimləri Firəngistana getməyib həkim olmayıblar (Böyükxanıma) Sənin o əziz canuva and olsun, keçən ay bizim qonşu Müzəffərülməmalik naxoş oldu, getdilər haman xanın doktorunu gətirdilər. O tərəfinə bir qara zurna soxdu, bu tərəfinə bir qara zurna soxdu, qulaq verdi, kah bir şüşə parçası çıxarıb qoltuğuna qoydu, kah da çıxarıb saata baxdı. Bir az tartan-partan danışandan sonra bir nüsxə yazıb hacı Əli dəvafuruşun yanına göndərdi, min həngamə çıxartdı. axırda Mirzə Fərəcülla həkimbaşını gətirdilər, dilinə baxıb nəbzini tutandan sonra iki misqal sənə və şuvərən ilə naxoşun yaxasını qurtardı. Qərəz ki, xalqın qəlbi lap dolanıb, elə Firəngistana getdilər ki, bu şeytan əməlləri çıxdı. Böyükxanım, Nisabəyim xanım danışdıqca ah çəkib başına hərəkət verirdi. Yavaş-yavaş deyirdi. İndi burada heç kəs yoxdur, gizlin sözümü deyirəm, dürustu odur ki, kişinin e’tiqadı xarab idi. Münəvvər üç yaşında idi, ötürmüşdü firənk doktorunun övrəti Liza xanımın yanına, nə var, nə var ki, tərbiyət alsın ədəb öyrənsin. Vəhalonki, Lizanın özündə heç bir övrətlik yoxdur. Ancaq bir gözəlliyi var. Bir də axşama kimi qabağında kitab oxuyar. Yainki aynanın qabağında oturub tüklərini, üzünü düzəldərək, bəzək verər. Axşama kimi peşəsi oğul-uşağa kitab oxutmaq, nə var ki, ədəb öyrədirəm. Başıma dəysin o öyrədən ədəb. Heç bir iş bilməz, paltar yuya bilməz, ev süpürmək bacarmaz. Ancaq iş barəsində bircə nazik çorablardan toxumağı öyrənib. Rəhmətlik xan bais oldu qızın laməzhəb olmağına, indi danışdırıram, deyir ki, ana sən haqlısan, çünki elmin yoxdur. Nisabəyim xanım — Münəvvərin Qulam xandan övladı vardır? Böyükxanım — Münəvvərin başına gül olsun, hələ vaxtı deyil ki, ancaq bu heyva vaxtı gəlsə 13 yaşı tamam olacaqdır. Münəvvər adı gələndə dərimə od düşür. Cəmi təqsirlər mənim sahibimdə idi ki, öz sağlığında qızın ata malını ayırıb özünə verməzdi ki, sahibinin yanında üzü ağ olsun. İndi Qulam xan acığından qızı buraxıb gəlib evdə qalır. Uşaqlar da Tehrandan gəliblər bekar-bekar dolanırlar. Nisabəyim — Yox! Yox! İnsaf deyil bekar gəzsinlər. Onlara bir iş tap! Böyükxanım — (ağlaya-ağlaya) elə mən də gəldim ki, ağa evin möhrünü götürsün, uşaqlara bir iş tapım. Nisabəyim xanım bu sözləri eşitdikdən sonra Mirzə Rəhim ağanı o biri otaqdan səsləyir, bir neçə dəqiqədən sonra cənab ağa təşrif gətirir. Amma Böyükxanım kamali-şiddətlə ağlayırdı, çünki əvvəlinci dəfə olaraq məhkəməyə girdiyi idi. Hərçənd Münəvvərin kəbinini kəsdirəndə ağanın mənzilinə gəlmişdi, lakin övrət tayfasına qız ərə vermək ləzzəti o qədər şirindir ki, bu tövr həqarətləri əsla xəyalına gətirmirdi. Mirzə Rəhim ağa otağa daxil olub saqqalını tumarlayırdı. Başında tirmə şəbkülah qələmkarı və qısa don əynində, ayağında ağ zirçamə, qabağından bağı aslanırdı. Ağa şəbəkülahı salıb qaşının üstünə, üzü Nisabəyim xanıma deyirdi: hə, qonağın kimdir? Böyükxanım və Nisabəyim xanım ayağa qalxırlar. Ağadan izn hasil olandan sonra əyləşirlər. Nisabəyim xanım — Ağa, Böyükxanımdır. Rzaqulu xanın örvətidir. Sizə ərzi vardır. Mirzə Rəhim ağa təəccüblə əlini-əlinə çalıb deyirdi: Pah! Qəribə qafil oturmuşuq. Gorki-əcəl yeka-yek əyin kəllə mibərd Vin kəllara bebin ki, çe asudə miçərəd. Ey bivəfa dünya! Sənə e’tibar edənlərə lə’nət! Doğrudan Təbriz mülkü indiyə qədər Rzaqulu qeyrətdə, səxavətdə adam yetirməmişdi. Ah, həyasız dünya! Mirzə Rəhim ağa əlin əlinə çalıb Nisabəyim xanıma deyirdi: Tanıyırdın, Rzaqulu xanı? (Yenə öz-özünə) ah, necə heyif oldun, Rzaqulu xan, doğrudan mənim əlimdən getdin. Bu sözlərdən Böyükxanımın daşdan bərk olan qəlbi riqqət bəhəm edib ağlayırdı. Hərdənbir Mirzə Rəhim ağaya ərz eləyirdi: Allah ömrünüzü tulani eləsin, biz camaata çox görməsin. Nisabəyim xanım — Doğrudan Rzaqulu xan yaxşı kişi idi, siz ilən bircə halalınız ayrı idi. Bu vaxt Mirzə Rəhim ağa öz ətəklərini yığışdırıb Böyükxanımın qabağında dərvişi oturmaq binasını qoymuşdu. Amma zirçaməsinin bağları yerə sallanmışdı. Böyükxanıma kamali-mülayimət və izahari-e’tidal nişan verib deyirdi: Həmişə Rzaqulu xan sənin nəçabətindən və əsilliyindən mənə tə’rif edirdi. Əmdiyin süd halalun olsun! Doğrudan da nəcib övrət imişsən. Böyükxanımın bu sözlərdən bir az qoltuqları şişib balidələnirdi.. Allah şəriətmədarın kölgəsini başımızdan əskik eləməsin, vallah elə bilirəm ki, heç Rzaqulu xan ölməyibdir deyə dua edirdi. Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. Üzünü Böyükxanıma tutub pəh-pəh, doğrudan əsil Rzaqulu xanın övrətisən, deyə, sonra Nisabəyim xanıma tərəf deyirdi: Görürsən necə nəcibdir? Yenə dönüb Böyükxanıma deyirdi: Xub xanım, hala nə üçün təşrif gətiribsiniz? Böyükxanım bir az dalı çəkilib deyirdi: Ağa, özün bilirsən ki, bu Təbrizdə birisinin iki dostu olanda, üç nəfər də düşməni vardır. İndi uşaqlar gəzir, bekar-bekar dolanırlar. Təvəqqə edirəm zəhmət çəkib evlərin möhrünü götürəsən ki, uşaqlar bir işə yapışsınlar. Allah sizin kimi dostları əskik eləməsin, elə bilirəm ki, xan heç ölməyibdir, məndən sənə səndən allaha öz iltifatını bizdən kəsmə! Mənim oğlanlarıma kömək elə! Mirzə Rəhim ağa bu sözlərdə saqqalın tumarlayırdı, deyirdi: bir də buyur görüm nə deyirsiniz? (Öz-özünə) Əslinə baxasan aşina ölümü insanı elə dilgir edir ki, özlüyündən çıxır. Heyif rəfiqlərim! Pəh qəribə tək qalmadım? Qəribə ovqatım təlx olmadı? Filvaqe mənim sadiq rəfiqlərimdən bircə Rzaqulu xan qalırdı. Böyükxanım genə üzünü çevirib deyirdi: ağa, uşaqlar gəlib Təbrizdə bekar gəzirlər. Təvəqqə edirəm möhrü götürəsən uşaqlar bir işə yapışsınlar. Hər birisinin gündə cib xərcini bir tümən görmür. Allah şəriət-mədarın kölgəsini başımızdan kəm eləməsin. Mirzə Rəhim ağa — Heyli xub, uşaqlar da gəlib daha yaxşı, Qulam xan da gələr yerbəyer edərik, uşaqları da işə qoyaram. Böyükxanım yenə əcz edib yalvarırdı: Ağa, allah xatirinə bizə rəhmin gəlsin! Hərkah uşaqlar Qulam xan adını eşitsələr təzədən çıxıb gedərlər. Çünki onlar əsla yola getmirlər. Allah rizasına bizi dilə-dişə salma! İşlərə əncam vergilən! Böyükxanım gözünün yaşını silə-silə Mirzə Rəhim ağaya yalvarırdı. Göz yaşları qətrə-qətrə ətlas çadrşəbin üstünə axıb yuvarlanıb yerə düşürdü. Mirzə Rəhim ağa da evi var-gəl edə-edə övrəti Nisabəyim xanıma deyirdi: Dur mənim o biri otaqdan təsbehimi tap gətir bir istixarə edəcəyəm. Nisabəyim xanım gedəndən sonra Mirzə Rəhim ağa əyləşib Böyükxanımla rubəru söhbətə başlamışdı. Nisabəyim xanım o biri otaqda təsbehi axtarırdı. Böyükxanım da üzü örtülü əyləşmişdi. Mirzə Rəhim ağa da Böyükxanımla rubəru oturub deyirdi: Böyükxanım, sən bir nəcib övrətsən və çox da xoşuma gəlirsən, çünki nəcibsən. Əslinə baxsan biz ülama qisminin işi çox müşküldür, gərəkdir elə bir rəftar edək ki, şəriəti-nəbəvi səlavətullah üçün bir zərrə xəyanət olmasın. İndi bu saat ki, mən səninlə söhbət edirəm, şəriətə xilafdır. Hətta sübhanəhu və təala qiymətin günündə məni müaxizə edəcəkdir. Mirzə Rəhim ağa bir necə dəfə istiğfar edib yenə sözünə davam etdi: bu mal-dövlət ki, sənin vardır, çox hissəsi özünə məxsusdur. Sən də ki, bu murdar dünya çifəsindən ötrü gəlib məhkəməyi şər’iyyədə mən ilən danışırsan şəriətə xəyanətdir, mən də buna razı olmaram ki, sənin kimi nəcib, gözəl-göyçək bir xanım, qiyamətin günü dünya çifəsindən ötrü cəhənnəm odunda yansın. Heyif deyil bu nazik bədən, bu tənasibi-əndam, bu təravətitam odlara yanıb gül olsun? Çünki sən mənə naməhrəmsən, bu işin əncamı çox çətindir. Görüm nə tövr olacaqdır, allaha təvəkkül! Mən bu gecə fikir edərəm sən də yenə sübh tezdən gələrsən danışarıq, yerbəyer edərəm. Mən çalışaram, sən də mən dediyim sözlərin canını, həqiqətini yaxşı baş tap, mənim qəlbimi bil! Böyükxanım işi müşkül eşidib gözünün yaşını tökürdü, ağaya ərz eləyirdi: ağa məni öz qızın hesab elə! Bu işə əncam ver. Bizim daha səndən başqa bir kəsə ümidimiz yoxdur. Mirzə Rəhim ağa bir az da Böyükxanıma yaxınlaşıb az qalırdı ki, başı Böyükxanımın başına dəysin. Böyük xanımın gözlərinin içinə baxıb deyirdi: əvvəla budur ki, heç ağlama! Sənin işin Rzaqulu xan əsrindən yaxşı olar. Hərkah özün doğru demiş olsan. İkincisi, sən o vaxt mənə qız hesab olunardın ki, Rzaqulu xan hali həyatda olaydı. Lakin indi naməhrəmsən və nə qədər ki, bu naməhrəmlik vardır sənin işivə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriət mədarlara bu iş şayistə deyil: Böyükxanım nəhayət dərəcədə darıxmışdı. Bir tərəfdən mal-dövlətdən naumid, bir tərəfdən Qulam xandan əli çıxmış, bir tərəfdən Mirzə Rəhim ağanın saqqalı az qalır üzünə sürtüşsün, hətta ağzının suyu atılıb Böyükxanımın çadrşəbinə düşürdü. Ona cəhət Böyükxanım təngə gəlib deyirdi: Ay ağa, başıva dönüm sən də bizim işimizə qarışmayacaqsan bəs kim qarışacaqdır? Təbrizdə hanı o cur’ətdə alim ki, sənin kimi müctəhid vuran möhrü götürsün? Axır bir insaf elə. Böyükxanımın bu vaxt boğazı tutulmuşdu, ağlayırdı. Mirzə Rəhim ağa isə daha da irəli gəlib deyirdi: Böyükxanım, heç ağlama! Sənin bu ağlamağın mənim qəlbimi yandırır. Fikir eliyirəm indi sənin bu işivin bircə çarəsi vardır. O çarə də budur ki, gərək bu günlərdə sən özüvə bir məhrəm ixtiyar edəsən ki, sənin əvəzindən vəkil olub danışsın. Biləks, səninlə danışmaq şəriətə ziddir. İslamiyyətin kökünə rəxnə vurmaqdır. Mən indi sən ilən danışıram, amma qəlbim allahın qorxusundan titrəyir. Amma doğrudan Mirzə Rəhim ağanın əlləri titrəyirdi. Mirzə Rəhim ağa titrəyə-titrəyə Böyükxanımın əlindən tutub öz sinəsinə basıb deyirdi: Bax gör necə ürəyim titrəyir, bunun hamısı allahın qorxusundandır. Böyükxanım əlini silkib Mirzə Rəhim ağanın əlindən alıb deyirdi: Bir nəfər övrətin ki, üç kəbir övladı olsun, o övrət də iddəsi çıxmamış məhrəm ixtiyar edə bilər? Mirzə Rəhim ağa — Əcaba, hənuz ağzından süd qoxusu gələn uşaq mənə əqil, şəriət öyrədir, otuz il camaat namazı qılan mollaya məsələ tə’lim edir! (Böyükxanıma) əvvəla budur ki, sənin əlli nəfər də kəbir övladın olsa səndən vəkil ola bilməz! Çünki onların özü də bu maldan-müddəidir. İkinci, o övrətə iddə saxlamaq lazımdır ki, onun bətni nə’lum ola. İndi mən bilirəm ki, sən necə ildir uşaqdan düşmüsən. Çünki sənin sahibin naxoş idi. Allah valdeyinivə rəhmət eləsin, mən özümü əmdən cəhənnəm oduna yandıra bilmərəm. İstəyirsən şəriət sahibi qiyamətdə mənim üzümə baxmasın? Böyükxanım bu sözlərdə Mirzə Rəhim ağanın fikrini büsbütün anlamışdı. Çünki ağa söhbət arasında Böyükxanımın çiyninə əl qoyurdu, əlini sıxırdı. Buna cəhət Böyükxanım xişmnak deyirdi: Qurban olum şəriət sahibinə ki, verib sizin kimi lotuların əlinə, hər nə bilirsiniz fəqir camaata eyləyirsiniz. Utanmaz oğlu utanmaz! Bəs deyəsən mən buna vaxt ikən və’də vermişəm? Haramzadə oğlu mən ilə hənək məzah başlayıbdır. Vallah bu övrətliyim ilə əmmaməvi başıva, boynuva səryib üzü üstə bazara çəkərəm. Böyükxanım qalxıb getmişdi. Mirzə Rəhim ağa da mat-məbhud rəngi ağarmış oturmuşdu. Amma təsbeh dalınca gedən Nisabəyim xanım qapının dalından bu əhvalata mütəvəccəh olduğundan Böyükxanımın xişmnak durub getməsini görüb xişmnak içəri girdi. Təsbehi Mirzə Rəhim ağanın başına çaldı. Böyükxanım qapıları çalıb getdikdən sonra Mirzə Rəhim ağanın övrəti Nisabəyim xanım içəri girib, götür mirasa qalmış təsbehi, deyə, Mirzə Rəhim ağanın başına çalır. Yerə girəsən belə molla, az qalır övrətin gözlərinə girsin. (İki əllərilə boğma verər) Ala. Az qalır övrəti basmarlasın. Mirzə Rəhim ağanın qorxudan ağzı qurumuşdu. Tüfürcəyini udub dedi: niyə çox danışırsan, füzul qızı füzul! Sənin xəyalın odur ki, mən şəriəti ayaqlayım? Özümü allahın qılıncına vurum? Peyğəmbərin qəzəbinə giriftar eləyim? Nisabəyim xanım qeyzindən əlləri titrəyə-titrəyə: allah döysün o şəriəti ki, sən yeridirsən. Kişi bir utan! Bir həya elə! Bir ağlıvı başıva yığ! Az məni yerə soxkinən! Yerə soxum boyuvu belə alim! Belə molla! Kişi bu da olmadı Həmid ağanın övrətini iddəsi çıxmamış aldın, aləm cəmdəyimizə tüfürdu. Mirzə Rəhim ağa (fikirli-fikirli) az danış, bu işlər sənin borcun deyil, — deyə başını aşağı salmışdı. Nisabəyim xanım — Bəs kimin borcudur? Mirzə Rəhim ağa — Biz öz məsələmizi yaxşı bilirik. Şəriət əhli xilaf hərəkət etməz, deyə əlini başına qoyub fikrə getmişdi. Nisabəyim xanım — Qeyz axır məni öldürəcəkdir, allah evivi başıva uçurtsun! Vallah çıxıb qapıya aləmi yığıb tökərəm başıva. Gündə bir siğə, gündə bir siğə, gündə bir siğə, hamısı da iddəsi çıxmamış çavanə övrətlər. Başına daş düşsün, hələ dörd gün yoxdur ki, Murtuzaxanın övrəti Dilaram xanımı almısan. Boyuvu yerə soxum, deyəsən övrət dəllalıdır! Siğə olar, iki olar, üç olar, nəinki qırx-əlli? Mirzə Rəhim ağa — Çox danışma, o övrətlər ki, birisi üç misqal gümüşə siğə eləmişəm, hər birisinin bir kürur dövləti vardır. Amma sənin qırx dəyirmanda bir ponza unun yoxdur. Hər ildə iki min tümən pul xərcləyirsən. Nisabəyim xanım — Mən onu bunu bilmirəm, daha təngə gəldim. Altı dəfə talağımı vermisən bu da olsun yeddinçisi. Mən bu rüsvayçılığa tab gətirə bilmirəm. Sən arı yeyib namusu da dalıva bağlamısan. Mirzə Rəhim ağa — Bu da sənin təlağın, deyə talaq verir. Xub, bu da sənin talağın, indi buyura bilərsən. Nisabəyim xanım çadrşəbini başına sala-sala deyirdi: Başıva dəysin belə mollalıq ki, hər gün bir müsəlman övrətini hiylə toruna salıb zinaya mürtəkib olursan. Adın da qoyursan siğə. Mirzə Rəhim ağa əsanı götürüb Nisabəyim xanımı qovurdu. Köpək qızı, sən ağzıvı hara yetirmisən ki, müctəhidə böhtan deyirsən? Nisabəyim xanım — sənin müctəhidliyivi heç kəs də bilməsə mən yaxşı bilirəm. Xalqın malını alırsınız bəs olmur, övrətinə də kəc baxırsınız — deyə qaçırdı. Nisabəyim xanım qaçıb ortadan çıxdı. Mirzə Rəhim ağa da tək-tənha otaqda oturub öz-özünə danışırdı. Xub, hala mənə deyən gərək ay axmağın birisi övrəti nə üçün boşladın? Xub, Böyükxanım sənə siğə olacaq ki, öz övrətivi boşladın? Pəh, qəribə nəqdi boşluğub pisyə dalınca düşmədim? Bu vaxt qapı açılıb Pərviz xan və Hacı xan salam verib içəri daxil oldular. Pəvriz xan və Hacı xan, Mirzə Rəhim ağanın mənzilinə daxil olaraq salam verib döşəklərin üstündə əyləşirlər. Əyinlərində pakizə Avropa libası, başlarında nazik tehrani papaq olduğundan Mirzə Rəhim ağa həzrətlərinə çox nəzərruba idi. Cənab ağa xanların salamını alıb təarufati-rəsmiyyəni əmələ gətirəndən sonra əhval pürsan olub deyirdi: Oğlanlarım, siz hara, bura hara? Nə əcəb molla əminizi də yada salmısınız? Çox mərhəmət buyurmusunuz. İltifat eləmisiniz. Pərviz xan — Mərhəmətiniz artıq, lütfünüz ziyad, səyəniz kəm olmasın. Mirzə Rəhim ağa Hacı xana mütəvəccəh olub gülə-gülə çənəsini əlləyirdi, Pərviz xana deyirdi: Bax gör gözləri necə Rzaqulu xanın gözlərinə oxşayır? Əlin çalıb əlinə deyirdi: Allah sənə rəhmət eləsin kişi, mənim əlimdən getdin! Pərviz xan kamali-ədəblə: mərhəmətiniz ali olsun, haqqımızda iltifatınız vardır. Mirzə Rəhim ağa bu tövr təarifatı da əmələ gətirəndən sonra hə, oğlanlarım, nə əcəb təşrif gətiribsiniz? Pərviz xan — Cənab, zati-alilərinizə mə’lumdur ki, biz ikimiz də atamız mərhum olan vaxt Tehranda idik. Siz cənab isə məhz hüquqi-məş’ruəmizə bikanə tərəfindən təcavüz olmasın deyə evləri, anbarları möhürləmisiniz. İndi təvəqqe olunur ki, gəlib haman möhürləri götürəsiniz. Mirzə Rəhim ağa söhbətə təğyir verərək deyirdi: Oğlanlarım, fikir eləməyin, Rzaqulu xan öldü, mən ki, ölməmişəm. Sizin hamı işinizi düzəldərəm. Orada söhbət yoxdur. Ancaq deyin görüm genə Tehranda millətpərəstlər nə fırıldaq çevirirlər? Aldıqları məşrutəyə razıdırlar, yainki başqa xəyalları da vardır? Pərviz xan fırıldaq kəlməsindən dilgir olmuşdu. Lakin öz e’tidalını pozmayaraq ədəb dairəsində dolanırdı. Mirzə Rəhim ağaya yavaş-yavaş deyirdi: Cənab ağa, sizin kimi mə’nəvi və ruhani atalar vücudunun bərəkətindən bizə atamızın ölməyi heç təsir etmir. O ki, qaldı Tehran övzai gündən-günə muxtəll olur. Gündən-günə fanatizm çoxalır. İrticayi hərəkətlər artır. Qorxuram işlər vəxamət kəsb etdikdən sonra camaat kəsbkardan qalsınlar. Mirzə Rəhim ağa fanatizm kəlməsini eşidib istehza edərək gülə-gülə deyirdi: Bala, mən fanatizmin mə’nasını bilmirəm, çünki xarici dərsi oxumamışam. Bu sözlər frənkiməabların təzə istilahlarıdır. De görüm fanatizm nədir? Pərviz xan yenə ağanın məsxərəamiz sözlərindən xuddarlıq edib deyirdi: Ağa, fanatizmin xarici lisandan alındığı mə’lumdur. Ata-babadan qalma cəhaləti, qanuni-həqiqiyi islam deyə qucaqlamaq, bid’ətlərə şəriət deyib xidmət eləmək, istibdad və zülm əhlinə dünya malından ötrü riya və təməllüq göstərmək kimi işlərə fanatizm deyirlər. Bu işlərin haliyyədə rəvacına çalışan məhz hökuməti-hazirədir. Mirzə Rəhim ağa bu sözdə bir ucadan güldü. Əlini əlinə çalıb dedi: Afərin, səd afərin, qəribə fəsahətli, bəlağətli natiq olmusan. Mən ölüm, bu gün get əncüməndə bir nitq elə! Mirzə Hüseyn natiq bari bir xəcalət çəksin. (Öz-özünə) Abad olasan Təbriz, qəribə natiq, süxənvərlər yetirmisən! (Pərviz xana). Xub, hala bildim fanatizm nədir, onun rəvacına hökumət nə üçün çalışır? Padşah ki, həmişə məmləkətdə əmniyyət istər. Pərviz xanın bu qədər məsxərə, bu qədər təcavüzdən ovqatı təlx olmuş isə də, yenə e’tidal üzrə və nazikanə bir surətdə hərəkət edib deyirdi: Cənab! İndi siz gərək bu iğtişaşların, ixtilafın səbəbini yaxşı biləsiniz, çünki camaata siz hökumətdən yaxınsınız, belə ki, ildə bir dəfə hökumətə işi düşməyən adamın əqəllən ildə yüz dəfə üləmaya işi və ehtiyacı düşür. Səbəbi isə əvvəldən işlərin bu tövr ustadanə bina olunmasıdır ki, camaat mollaların yanında həlgəbəkuş mənziləsindədirlər. Mirzə Rəhim ağa — Əlbəttə, hər işi biz bilirik, amma bu firənkiməabların işindən baş çıxarmaq mümkün deyil! Çünki bu adamlar firənkiməab və oxumuş adamlardır. Bu millətpərəstlər hər gündə bir söz çıxardırlar ki, əsla qulaq eşitməyibdir. Bir gün görürsən gəlib deyirlər ki, biz şahdan konstitusiya istəyirik. Bir gün də cənab Hüseyn Natiq başladı ki, gərək İranda həqiqi bir radikal firqəsi təşkil olunsun. Bir gün iştirakiyyun amiyyun, bir gün inqilabiyyun iştirakiyyun deyirdilər. Siz də indi deyirsiniz ki, Tehranda irtica artır, mən də heç bilmirəm ki, irtica nədir. Hətta dünənləri bizim Məşədi Haşım əlaqəbənd deyirdi ki, Tehranda irtica güclənir. Dedim, balam, irtica nədir? Dedi ki, xala oğlu, mə’nasını bilsən sənə də zərəri vardır. Çünki sən də əvvəlcə məşrutə veriləndə Hacı Səfərəli mədrəsəsində məxsusi əncümən qurmuşdun. Sonra genə bərhəm eləyib Məhəmmədəli şaha übudiyyət telegramı çəkdik. Pərviz xan daha bu qədər həqarətə tab gətirə bilməyib deyirdi: Ağa, hərkah izndir, mən də ərz eləyim ki, camaat nə işdən ötrü təngə gəlib məşrutə istədilər və hökumət nə üçün işi qarışdırır. Mirzə Rəhim ağa — Buyur! Buyur! Pərviz xan — Cənab! Nəsrəddin şah əsrində bizim bu zavallı vətənimizə hansı düşmən hücum etdi? Dövlət hansı təşəbbüsatda bulundu, hansı islahati vətəniyyədə bulundu? Hansı dəmir yolları çəkdi, hansı mərizxanə, hansı mədrəsəni açdı ki, bu qədər tənəzzül elədi? Bu tənəzzülün səbəbi nədir? Bunlara səbəb nədir? Bunlara səbəb hökumət başında oturan zatın xüsusi bir politikası olmayıb camaatdan aldığı pulların lazımi yerinə sərf etmək iste’dadı olmadığındandır. Bunlardandır ki, milləti, vətəni bu həqarət, bu tənəzzülə düşürdü. Məsələn, vətənin mühafizlərinə, məmləkətin hifzinə cəhət camaatdan alınan pullar Firəngistanın restoranlarında, bu kimi yerlərində tökülüb madmazellərin əlindəki bir dəstə gülə bir fövc sərbazın bir aylıq məvacibi getdi. Digər tərəfdən özünün və camaatın hüququnu bə’zi para mollanümaların və müfsidlərin, daha açığı, əlvatın əlinə buraxmışdı. Buna cəhət hər yerdə basıb kəsmə, rətqüfətq, rəyasət sevdası başlarda qələyana gəlib, İran və iranlılar başdan-başa ayaqlar altına salınıb, fəryadi-təzəllüm aləmi tutmuşdu. Bu da təbiidir ki, ayaqlanan camaat daha yata bilməzdi. Ona cəhət ittihad altına alınıb öz hüququ-məşruəsinə bir məşrutə qoşmaq istədi. Vaxtın müsaidəsizliyinə cəhət bu iş qəlblərdə nihan sirlər kimi qaldı. Nəhayət, Mirzə Rza nam Nəsrəddin şahı qətl etdikdən sonra yerinə Müzəffərəddin şah mərhumu əyləşdirdilər. Bu zat dəxi siyasi bir kişi olmayıb mollasifət bir hökmdar olub da az vaxtda mollalar sinfinə daxil oldu. Bunun əhdində İranın əli xarici istiqraza açıldı. İmtiyazlar xaricə verildi. Camaatın bu cəhətlərdən hərəkətlərini mülahizə edən Müzəffərəddin şah əvvəlcə bir ədalətxanə, sonra tam bir qanun əsası əta və e’lan buyurdu. Bu e’lanı bittə’qib şahi-məğfur vəfat buyurdu. Yerinə Məhəmmədəlilər keçdi. Bu zat da qururun çoxluğundan padşahlıqda əl olmasın gərək deyə məşrutəni geri almaq istədi. Ondandır ki, vətən hali-virani təşkil etdi. Cənab ağa, çox tul oldu bağışlayın. Pərviz xan sözünü qurtarandan sonra Mirzə Rəhim ağa danışmayıb heyran-heyran baxırdı. Nəhayət dil açıb deyirdi: bəh, bəh! İran qəribə mühitlər yetirmədi?! Divanəni qoymuşuq evdə, düşüb çöllərdən divanə axtarırıq. Bu ağız burunda camaat durub zillullahə, qibleyi-aləmə iş öyrədirlər. Vallah bilmirəm bu məşrutə necə şeydir ki, bu ağzı yekələri dəli-divanə edib saldılar camaatın canına. (Pərviz xana) Bala, de görüm məşrutə nədir axır? Sən hardan belə natiq və süxənvər oldun? Pərviz xan sözün qabağını saxlaya bilməyərək bixtiyar danışırdı: Hərkah məşrutəni bilmirsiniz isə, mən sizi başa salım. İdareyi-keyfəmayəşʼa bilirmisiniz? Bu qanuni-əsasi haman idareyi-zalimə və müstəbiddəni ortadan qaldırıb hökumət başında oturan kişilərdən başlamış alçaq mənsəbdə olan mə’murlar da kefləri istədiyi qədər işlər görə bilməyəcəklərdir. Bu zavallı səltənətin hər guşəsində bilafərq bir qanun əsası icra olunacaqdır. Mirzə Rəhim ağa — Bala gedin işinizə! Qardaş, gedin işinizə! Nə məşrutə? Nə qanuni-əsasi? Yazıqsınız, müsəlman olun! Hər kəs getsə öz işinə, müsəlmanları öz ruhanilərinin öhdəsinə buraxsa, millət də qabağa gedər. Nökəri çəkirsiniz ağanın üzünə, adını da qoyursunuz hürriyyətdir, müsavatdır. Mən düz deyirəm, mənim özlüyümdə nə qədər xülqi-həsənə var isə, yenə razı olmaram ki, mənim nökərim Nəcəfəli mən olan məclisdə yerə otursun. O ki, qaldı rəyasətli ə’yanlar, nəcib xanlara, şahzadələr ki, İranın üç hissəsi bu tövr adamlardır, razı olarlar? Başıma dəysin sizin bu hürriyyət, bu müsavatınız. Pərviz xan sözlərə məşğul olub, mə’lum olmayacaq dərəcədə təbəssümkaranə baxıb deyirdi: axund, sizdə olan iste’dadı bildim, daha danışmaq istəmirəm. Lakin Mirzə Rəhim ağa xanın sükutunu məğlubiyyət ədd edərək, deyirdi: hə indi necə gördün qoca əmini? İndiyə kimi molla əlinə düşməyibsiniz. Gedib hər yerdə ki, «Sərfimir», «Nisabi-tərəssül» oxuyan mollalar var, qapıb elə salmısınız. Hər nə demisiniz gözlərini döyüblər, siz də şadlanmısınız ki, biz bilirik. İndi danış görüm nə deyirsən! Pərviz xan — Axund, mənim sükutum məğlubiyyət deyil idi. Bəlkə mən öz vaxtımı boşa vermək istəmədim. Çünki sizi başa salmaq üçün heç olmasa əlli il vaxt lazımdır. Əcəba, məşrutə hansı bəndində hökm edir ki, nökərlər öz vəliyun-ne’mətlərinə ağ olsunlar? Bir də siz cənab nə üçün ağa ilə nökərə təfavüt qoyursunuz? Ağa — nökərin fərqi fəqət libasındadır, adındadır. Məşrutənin müqəddəs qanunları insanı həmişə növ’pərəst və insandust olmağa də’vət edir. Buna cəhət ağa ilə nökərə gərək təfavüt qoymayağ! Bir nökərin libasını fəqir və səfalətini bir mö’təbər və mütəşəxxis ağanın öhdəsinə təhmil eləsən, nökərdən də alçaq olar. Amma bir ağanın libasını fəqir bir nökərə versən ağa olmasa da ağalara oxşar, çünki allah-taala hər kəsi bir hüquq, bir ixtiyarda, bir ə’zada xalq etmişdir. Bir də mən siz cənabə xidmətkaram. Öhdəmə həvalə olunan xidmətləri bitirəndən sonra, yaxşıca ifayi-vəzifə etdikdən sonra, nə eybi vardır ki, mən gəlib məclisin aşağı başında bir saat rahat olum? Siz gecə, altı saat əyləşiniz qalın döşəyin üstündə, qəlyan, çay, müsahib hazır, mən də ayaq üstə übudiyyət əllərim sinəmdə durum sənin qabağında, bunun nə mə’nası vardır? Cənab, indi iyirminci əsrdir; indi hər kəs elm, fünun, sənət, mə’rifət, ticarət, mədəniyyətlə fəxr edir. Nəinki ləqəb, rətq, fətq, basıb kəsməklə. Əcəba, mənim dalımca bazar içində əlli nökər, əlli də molla düşüb getsə, əsnaf da durub hər tərəfdən təzim eləsə, mənim millətimə nə nəf’i vardır, axirətimə nə mənfəət gələcək? Söz yoxdur ki, bunun heç mə’nası yoxdur. Burası vazehdir ki, o tövr nəleyn şaqqıltısı camaatın pullarını cəlb edər. Amma o tövr yığılan pullar yenə dalıca dolanan bekarların və riyakarların, müridlərin qarınlarına dolar. İndi İranda bir quru ləqəb qazanmaq üçün bir növ həngamə qururlar ki, insan şaşıb qalır. Amma başqa millətlər bir fəqirin hüququnu istibdad əlindən qurtarmaq üçün minlərcə qurbanlar verib genə razı olmurlar. Özgə millətlər hürriyyət, müsavat aşiqidir, biz isə ləqəb və nəleynin şaqqıltısının aşiqlərindənik! Bir də sizə mə’lum olsun, bu sözlər hürriyyətə, müsavata bir tə’rif deyil! Çünki siz ağa-nökər söhbəti açdınız, bən də ona görə danışdım. Mirzə Rəhim ağa bu sözlərdə büsbütün e’tidalını pozub əl-ayağını dağıtmışdı, daha nə söyləyəcəyini bilmirdi. Xahi-nəxahi, xub, müsavatı anladım nədir. Hürriyyətə nə deyirsən ki, övrətlərin üzü açıq gəzməsinə əmr edir? Bu da oldu bir hürriyyət, bu da oldu müsəlmanlıq? A kişi bir insaf eləyin! Pərviz xan — Afərin sənə! Afərin sənə! Axund siz nə üçün övrətin üzü açıq gəzməsini hürriyyətdən bilirsiniz? Hürriyyət olan ölkədə gərək iffət-umumiyyə e’lan olunsun. İndiyə qədər kəşfi-hicabın mənʼinə və isməti-nisvanə mütəvəccəh olmayan Belçik milləti nail olduqları hürriyyət sayəsində iffətümumiyyənin e’lanı və isməti-milliyyənin payidar olması başında nə qədər təşəbbüslər etmişlər bilirmisiniz? Axund, insaniyyət və mədəniyyət mə’nasını havi olan bir kəlməni vəhşaniyyətə isnad verməkdə heç allahdan qorxmursan?! Mən daha sizə nə ərz eləyim! Hürriyyət bir qüvvətli əldir ki, uzanıb iyirmi milyon millətin yaxasını əmir Bahadirin və sairlərin qətledici əlindən alacaqdır. Hürriyyət olan mülkdə hər kəs öz hüququna malik olar. Siz cənab da öz vəzifeyi-ruhaniyyənizi bilib, ədalətsiz padşaha, savadsız, mə’rifətsiz vəzirlərə, rüşvətxor məhəlli hakimlərə riya və təməllüq dili açıb, danışa bilməyəcəksiniz. Çünki o vaxt nə o tövr hakimlər qalacaq, nə də riya, təməllüqlə danışan dillər. Hürriyyət olan vətənimizin kəndlərində, mühəssillərində bəd rəftar edə bilməzlər. Cənab... əlməmalik, Ziyvə kəndində iyirmi gündə dörd yüz toyuğu yeyib həzmi-rabedən keçirə bilməz. Çünki bu hürriyyət o tövr tülküniyyət adamların da dişini çəkəcəkdir. Hürriyyət olursa bizim Təbriz dəllalazəni də bu vəziyyətdə qalmaz. Yəni övrət alış-verişi olmayıb, hər kəs sərbəstanə öz övrətinə malik olar. Öz irzi-namusunu mühafizə edər. Hürriyyət olan şəhərdə iyirmi sinnində xoşkil uşaqlar da uşaqbaz hakimlərin qorxusundan evdə məhbus qalmaz. Bir gecə həzrəti-valanın hüzurunda qaldıqdan sonra bir tüksizə dərəcə və nişan vəzifə də verilməz! Cənab, hürriyyət belə işlərə xidmət edəcək, nəinki kəşfi-hicab və təxribi-şəriətə. Mirzə Rəhim ağa daha cavab verə bilməyərək əlləri ilə, barmaqları ilə yavaş-yavaş oynayıb öz özünə deyirdi: Əhsən Pərviz xan. Əlli, ayaqlı firənkiməab olmusan, məni dinim, məni imanım bütün Təbrizdə olan firənkiməablar gərək səndən dərs alsınlar. Evin yıxılmasın, azca qaldın ki, məni yoldan çıxarasan. Allah Hacı Mir Tağının oğlu Seyid Həsənə insaf versin ki, sizin əlinizə məşrutəni ünvan verdi. Amma mən ölüm bu sözlərdən bir neçəsin də get Mirzə Əlixana tə’lim elə! Hərçənd o da tutarlı söhbətlər bilir, amma sənin təzə sözün çoxdur. Amma həkkak başı sənin bu kimi sözlərivi yazıb dəftərinə götürəcəkdir. Bir də sənin bu söhbətin, bu fəsahətin doktorun övrəti Lizanın bərəkətindəndir. Heyif ki, görə bilmədik nə tövr övrətdir. Allah qoysa yaxşı olarsan, hələ cavansan! Təbrizdə əvvəlinci firənkiməab olacaqsan. Evin yıxılmasın, elə bil ki, vaxt ikən sözləri birləyibdir. Pərviz xan nəhayət dərəcədə qızışdığından axundu daha buraxmayaraq deyirdi: Axund, o işlər ki, insanı firənkiməab edir, o hansı işlərdir, buyurun ki, ictinab edək. Mirzə Rəhim ağa — Firənkiməablıq odur ki, tə’amı çəngəl-biçaq ilə sərf edər, vəhalonki əl ilə təam yeməyin nə qədər səvabı vardır. Döşəyi qoyub stul üstündə əyləşər, bir halətdə ki, rəsmi-ədəb əmələ gətirə bilməz. Üsuli-cədid qoymaq istər, bir halətdə ki, xudavəndi-aləm bi’dət qoyanlara lə’nət eləyib. Əyninə əb’a, rida, qurşaq əvəzinə dar və qısa paltar geyər, bu da ki, aşkardır. (Mən təşəbbəhə biqovmin fəhüvə leysə minni). Bunu ki, inkar edə bilməzsən! Xub, hələ yadımdan çıxdı, təzə firənkiməablar saqqalı da dalı tərəfdən qoyurlar. Necə ki, siz qoymusunuz. Pərviz xan özünü saxlaya bilməyərək axundun həmaqətinə təbəssüm edirdi: İndi mən anladım ki, səhv etmişəm və öz vaxtımı itirmişəm. Siz indiyə qədər firənkiməablığı da anlamayıbsınız. Bağışla axund, başağrısı verdim. Mirzə Rəhim ağa burada üslubunu dəyişib dedi: Bala, mən hamıdan yaxşı bilirəm firənkiməablıq nədir. Lakin hamısını açıb deyə bilmərəm, çünki indi Təbrizin firənkiməabı, laməzhəbi hər şəhərdən artıqdır. Adam heç ilə çörəkdən düşür. İndi sənə deyirəm, hərkah xaricdə dərs oxumaq yaxşı isə, bir neçə il də firənglər gəlib Təbrizdə dərs oxusunlar. İrandan nə qədər uşaq ki, xaricə dərsə gedir hamısı laməzhəb olub qayıdırlar. Nə mollanı, nə bəyi, nə də hökuməti hesaba alırlar. Pərviz xan — Axundun dediyinə görə Parisə gedən uşaqlar müstəfirənk olub gəlir, nəinki kafir: Kafir ayrıdır, müstəfirənk ayrı. Mən indi sən ilə danışmağı günahi-kəbirədən ə’dd edirəm. Məni bağışlayınız! Əcəba firənglər gəlib Təbrizdə kimdən dərs alsınlar? Talibiyyə və Hacı Səfərəli mədrəsəsində cib kəsən və adam öldürən əlvatdanmı? Sizdən bu tövr söz çox bəiddir, bir millətin alimliyi iddiasında olan zatə belə bir xəbərsiz söz yaraşarmı? Firənglər gəlib nə oxusunlar? Mirzə Rəhim kamal təhəyyür və təğəyyürlə: bala, bəs Təbrizdə bu qədər alimlər nədir? deyə sual edirdi. Pərviz xan — Ağa, siz alim kimə və nə tövr adama deyirsiniz? Təbrizdə olan mollalar alim deyillər, bəlkə varsa, fəqihdirlər. Alim o kimsədir ki, hamı elmdən xəbəri və hissəsi olsun; bizim Təbrizdə hanı elə molla ki, iki elmi bir yerdə bilsin? Firənglərin nə işləri vardır ki, yüz il beynəlməğ’əd vəz zəkər mübahisə eləsin, gözəl vaxtını itirsin. Bizdə nə vardır ki, özgələrə də hissə verək? Bu sözlər kibr, qürur və bixəbərlikdən başqa bir işə isnad verilməz! Bəli, o vaxtlar ki, ərəblər də maarifcə rövnəqi tam sahibləri idi, o vaxt firənglər dəstə-dəstə gəlib ərəb mədrəsələrində elmü fünun təhsil edirdilər. Tarixdə iyirmi min tələbənin Qərtəbə şəhərində ərəblərdən təhsili-ulum etdiyi isbatla oxunmaqdadır. Bizim o elmlər bir para fəsadçı alimlərin, rənglərin hərəkati-xəbisanəsindən batdı, əcnəbilər bizdən aldıqları elmi saxladılar. Ağa, indi bu sözləri danışmaq əcnəbiləri islama güldürməkdən başqa bir səmər verməz. Mirzə Rəhim ağa daha bir söz tapa bilmirdi danışsın, axırıncı sözü olaraq; bala, mənim sənə yazığım gəlir, cavansan! Deyirəm məzhəbindən, dinindən çıxma! Yoxsa mənim üçün heç zad yoxdur. Mən bir molla babayam gedərəm işimə. Kafir oldun mənə nə, müsəlman oldun mənə nə? Ancaq Rzaqulu xanın qəbri xatirinə sənə rəhmim gəlir. Pərviz xan daha cavab verməyib baxırdı, amma Hacı xan sözə başlayaraq deyirdi: Cənab Axund, füzulluq olmasın, bir ərzim vardır. Qardaşım sübhə kimi söhbət eləsə siz də cavab verəcəksiniz, əsla ayağı bir tərəfə çıxmayacaqdır. Çünki sənin altmış, yetmiş sinnin vardır. Hürriyyət nədir, müsavat nədir, firənkiməablıq nədir bilmiyibsiniz! Təvəqqə edirəm ki. bunları boşlayıb bizim işimizi qurtarasınız. Bu tövr sözlər küdurətdən başqa bir iş gətirməz. Allah özü haqqa müavinət edər. Nə işimiz vardır. Mirzə Rəhim ağa — Bala, gərək kağız parənin içini axtarıb rəhmətlik xanın vəsiyyətnaməsini tapıb əməl edək. Hacı xan — Xub, vəsiyyətnamə heç tapılmadı sonra nə olsun? Mirzə Rəhim ağa — Gərək yazıb Nəcəfdən sual eləmək. Hacı xan — Xub, Nəcəfdən xəbər gələnə qədər biz öz malımıza əl vurmuyaq? Bu vaxt qapı açılıb Qulam xan mütəkəbbiranə daxil olur və mütəkəbbiranə salam verib yuxarı başda əyləşir. Mirzə Rəhim ağa mütəvazianə rədd-salam edərək təarifat və ibarətpərdazlıq xərcə verirdi. Pərviz xan və Hacı xan tə’zimən qalxıb otururlar. Sonra Mirzə Rəhim ağa üzünü Qulam xana tutaraq: Oğlum, səni bəylərbəyi yanında olanda bundan çox görürdüm, indi nə üçün belə kəmiltifat olmusunuz? Qulam xan — Bizim həmişə bəndəçiliyimiz vardır. Lakin ruzkar elə xarab olub ki, adamı dinc qoymurlar. Ancaq bu gün başım ayıldı ki, gəldim, zəhmət çəkib evlərin möhrünü götürüb əlimə tapşırasan. Mirzə Rəhim ağa — İndi xanlar da ondan ötəri gəlibdir, amma gərəkdir vəsiyyətnaməni tapaq, o da ki, qorxuram itmiş olsun. Qulam xan — Xub, xanlara nə dəxli vardır ki, möhürü götürmək istəyirlər? Mirzə Rəhim ağa — Orasını siz özünüz bilərsiniz, amma gərək vəsiyyətnamə tapılsın. Qulam xan — Ağa, haman vəsiyyətnamə bu saat məndədir. Orada yazılıb ki, bu dövlətin hamısı çatsın Mirzə Rəhim ağaya, ağa ondan bir hissəsini götürüb məsləhət bildiyi yerlərə xərcləsin, doqquz hissəsi də mənə yetişəcəkdir, Qulam xan da, varislər gəlib varisəliklərini isbat edəndən sonra haqlarını versin. Mirzə Rəhim ağa — Gərək ki, belə olsun! Çünki mənim də xəyalımda vardır, ancaq axtarıb tapmaq lazımdır. Qulam xan — Başınız üçün bu saat hazırdır, gətirə bilərəm. Sizin öz möhrünüz də üstündədir. Hətta xanın öz möhrü də vardır. Bu sözlərə Pərviz xan, Hacı xan kamali-təəccüblə qulaq verirdilər. Amma Mirzə Rəhim ağa özünə əqəllən iki yüz min tümən dövlətin yetişəcəyini yəqin edib bülbül kimi danışırdı: – Əzizlərim, bu şəriətdir, zarafat deyil! Biz bir neçə müctəhid ki, Təbrizdə varıq, hər kəs olsa təfavüt qoymarıq. Sən oldun, Qulam xan oldu, həzrəti-vəliəhd oldu birdir. Bizə vacibdir şəriəti himayə edək, nəinki bir kəsin tərəfini. Ancaq axşam Qulam xan vəsiyyətnaməni götürsün gəlsin bizə mülahizə edərəm sabah o ki, qanuni-şəriətdir hökm edərəm. Xudanəkərdə şəriətə xəyanət olsa mən qiyamət günü peyğəmbər hüzurunda xəcalətimdən dura bilmərəm. Hacı xan üzünü Qulam xana tutub deyirdi: cənab xan, belə mə’lum olur ki, mənim atam sizin mərhum atanızla şərik imişlər ki, vəsiyyətən əmlakını sizə vermişdir. Qulam xan — Xeyr, şərakət filan yoxdur, amma get səbəbini atandan xəbər al. Bir də mən səninlə tərəf olmağı özümə həqarət hesab edirəm, ar bilirəm. Çünki sən şəriət əhli deyilsən. Hacı xan — Əlbəttə, biz sizə müqabil deyilik! Çünki özünüz pişxidmət, atanız vəliəhdin qatırçıbaşısı. Pərviz xan isə rəngi təğyir tapmış qardaşına deyirdi: Qardaş, gərək insan söhbətində ədəb dairəsindən çıxmasın, heç öylə söz danışmasın ki, birisinin hissiyyat və vicdanına xələl yetirsin; eyb etməz, biz öylə şərir insan deyilik! Şəriət və qanuna müvafiq vəsiyyətnamə çıxarırsa qəbulumuzdur, biz dövləti nə qədər dost tutarsaq, insaniyyəti də o qədər dost tuturuq. Qulam xan rəngi təğyir tapmış Pərviz xana xitabən deyirdi: Pərviz, qoy Hacı nə danışır danışsın, mənə ar deyil! Allah o adama lə’nət eləsin ki, özkənin malında gözü olar. İndiyə kimi mənim adıma bir öylə söz deyən olmayıbdır. Hacı xan — Bəli, küldə eyb vardır, səndə eyb yoxdur. Allah anama insaf versin ki, bizi səninlə məcburən qohum elədi. Qulam xan — Çox da zurnavı kökləmə, qoduğun birisi. Məni aləm tanıyır. Sizin kimi laməzhəb deyiləm! Allaha şükür olsun zatimdə şübhə yoxdur. Çox danışarsınız beş-on da peysərinizə salaram: Hacı xan — Çox da küy basma, mən bilirəm sən nə quşun yumurtasısan. Sən özüvə ziynət verməkdən başqa bir işə yaramazsan. Pərviz xan rəngi qaçmış və açıqlı halda Hacı xana deyirdi: Hacı xan, səndən çox eybdir ki, özüvü pisliyirsən. Qulam xan indi hər tövr adamdırsa indi bizə qohum sayılır. Təvəqqə edirəm ikiniz də ədəb dairəsindən çıxmayasınız. Mirzə Rəhim ağa artıq sülhçüyanə hərəkət edərək deyirdi: bu sözlər lazım deyil! Mal halal Qulam xanın malıdır, ancaq qəllac oğlandır, sizi də naümid eləməz! Böyükxanım da bir ağıllı övrətdir, sabah gələr bizə yerbəyer edərik. Pərviz xan — Ağa, əvvələ budur ki, bizim bura göndərməli anamız yoxdur. Çünki hənuz iddəsi çıxmayıbdır. O həlalikdə siğə ola bilməz! İkincisi, yüz bu tövr dövlət olsa mən qilü-qala razı olmaram, ancaq Qulam xan əvvəldən bizə zülm elədi, təhsildən qoydu. Hacı xan — Qardaş, çox da mülayimətdən iş çıxmaz. Mən bu tövr yalançı vəsiyyətnamələrin bahasına bir şahı vermərəm. Mən bu tövr mollaların möhrünə də ehtiram qoymaram. Özüm gedib möhrü götürüb malıma sahib olaram. Qulam xan xişmnak iki dizi üstə oturub Hacı xana deyirdi: səndə o hünər yoxdur ki, müctəhidin möhrünü bihörmət edəsən. Şəriətin qabağına çıxıb möhrü götürənin atasına od vuraram. Hacı xan atasının adını eşidəndə ağlaya-ağlaya deyirdi: Atamın adını çəkmə! Yoxsa bihörmət olarsan! Qulam xan ayağa qalxıb revolveri çəkib Hacı xana atdı. Gör mən bihörmət olaram, yainki sən? Al gəldi! Sonra Qulam xanı tanıyacaqsan! Tapançanın qurşunu Hacı xanın vətən məhəbbəti ilə malamal olan sinəsindən dəyib o biri tərəfdən çıxmışdı. Hacı xan, ay qardaş, bu zalım məni öldürdü deyə üzü üstə düşüb istirahətkahi-əbədiyyətdə öz atasına yetişmişdi. Pərviz xan isə mərdanə ayağa durarağ, bişərəm, nankor oğlu nankor, mənim qardaşımı öldürdün — deyə çəngələşmək istəyirdi. Qulam xan kənara çəkilib bir qurşun da zavallı Pərviz xana atdı. Pərviz xan da qardaşının biruh cənazəsinə düşüb qardaşına və atasına yetişmək əməlində idi. Mirzə Rəhim ağa da qalxıb eşiyə çıxa-çıxa allah sizə lə’nət eləsin, şəriəti bihörmət elədiz deyirdi. Axşama yarım saat qalmış Rzaqulu xanın ailəsi hər kəs bir guşədə əyləşib. Böyükxanım filkümlə gözünü açıb zamanənin övzaini mülahizə etdiyindən mütənəbbeh olmasa da yavaş-yavaş düşünməkdə idi. Münəvvər xanım da naxoş, isitmənin və mərəzin şiddətindən o tərəf bu tərəfə dönürdü. Kah qapıya, kah da ağuşqalara, ətfi-nəzər edirdi. Öz-özünə deyirdi: Allah, otaq bəxtim kimi qaranlıqladı. Zavallı bədbəxt qardaşlarım gəlmədi. Münəvvər xanım kah da yerindən sərasimə atılıb çırpınırdı, güya o qarabəxt xanıma bir qəmli xəbər yetişmişdi. Hərdənbir anasına deyirdi: ana, ürəyim tez-tez döyünür. Bilmirəm genə bizim başımızda nə vardır. Anası isə qızım, qorxma, heç zad yoxdur, indi qardaşların da gələr! Bu vaxt Qulamhüseyn qapıdan girib ağlaya-ağlaya börkünü götürüb yerə çaldı: Ay xanımlar, durun başınıza qara salın, ağamın qapısı bağlandı, xanların ikisin də müctəhid evində Qulam xan küllələdi. Bu sözləri Böyükxanım eşitdikdə dizlərinə çalıb deyirdi: Ay Qulamhüseyn, dilin lal olsun, nə deyirsən gədə? Ölməyiblər ki? Vay, qapım bağlandı — deyə qəşş eləmişdi. Münəvvər xanım isə atamın qapısı bağlı qaldı — deyə qəşş eləmişdi. Bir azdan sonra Böyükxanım qəşşdən ayılıb başının tüklərini yola-yola müctəhid evinə qaçırdı. Amma məhlə camaatı xanların yaralı bədənlərini nərdiban üstə qoyub evlərinə gətirirdilər. Cənazələr xiyabanda Böyükxanımın qabağında yerə qoyuldu. Bədbəxt əvam Böyükxanım oğlanlarının nə’şini qucaqlayıb qəşş elədi. Pərviz xan və Hacı xanın qana bələşmiş bədənləri, öz evlərinin xiyabanında qoyulmuşdu. Hər tərəfdən bu hadisəni eşidən Təbriz əhalisi cəm olub Rzaqulu xanın həyətində böyük izdiham var idi. Hacı xan ölmüşdü. Lakin Pərviz xanın hənuz bədənində rəməq vardı. Əli ürəyinin başında olaraq deyirdi: Hanı bəs mənim bicarə və bədbəxt anam? Böyükxanımı qəşşdən ayıldıb Pərviz xanın başı üstünə gətirmişdilər. Böyükxanım cənazələrin ortasında üzü üstə düşüb hər qolunu bir oğlunun boynuna salmışdı. Ağlaya-ağlaya deyirdi: oğlanlarım, mən öz-özümə zülm elədim! Özüm bais oldum xanımanımın dağılmağına. Oğlanlarım, məndən allaha şikayət etməyin. Sizin qanalüdə olmağınıza mən bais oldum. Yoxsa siz bu qan dəryası olan İranda qalmazdınız! Böyükxanımın nə başında tük, nə də əynində libas qalmışdı! Bütün yolub cənazələrin üstünə tökmüşdü. Pərviz xan gözlərini açıb, ana, Hacı xan necədir? Razıyam ölməyimə, amma qardaşıma bir iş olmasın! Amma ana, bizdən sonra Münəvvərdən yaxşı mütəvəccəh ol! Ona bizim müsibətimizdə təskinlik ver! Onun yanında çox ağlama! Uşaqdır, bağrı çatlamasın. Məzlumə bacımız kimsəsiz, köməksiz qaldı. Pərviz xanın nökərləri doktor Luinin dalınca getmişdilər. Lakin iş doktorluqdan keçmişdi. Zira Pərviz xanın çikərini küllə dağıtmışdı. Həyatına bir neçə dəqiqə qalanda polis gəlib istintaqa başlamışdı. Pərviz xana «şikayətin kimdəndir? — dedikdə, «şikayətim cəhalətdəndir» — deyə cavab vermişdi. Pərviz xan son nəfəsində gözünü açıb başının üstündə nizam ilən səf çəkib ağlayan məktəb şakirdlərinə: qardaşlar, iranlılar içində nəşri-məarifə çalışın! Qafil durmayın, qardaşlar! deyə bir neçə salavat çevirdikdən sonra gözləri axaraq başı balışdan düşüb atasının və qardaşının müntəzir olan ruhlarına qovuşmuşdu. Lakin Münəvvər xanımdan bir soraq alan yox idi. Fəqət ara-sıra intihar etdiyi camaatın ağzında söylənilirdi. Gün bütün bütünə qürub etmişdi. Ay çıxırdı. Bərraq və saf havada çıxan işıqlı qəmərin donuq işığı Münəvvər xanımın otağını xəfif bir surətdə işıqlandırmışdı. Təzə qəşş aləmindən huşa gələn balaca Münəvvər nazik və titrək əllərini ataraq başının qabağında daraqlayıb iri və qara gözlərini dolandırıb o işıqlara mütəfəkkiranə baxırdı. Hər bir şeyi unutmuşdu. Lakin bir neçə dəqiqə qabaqdakı aləmi dərxatir edərək düşünürdü. Eşikdən ağlamaq, başa vurmaq sədasını eşidib kah-kah tabut, mürdəşir, kəfən, mə’nalı sözlər eşitdiyindən birdən-birə iki qardaş ölümünü düşünmüşdü. Dünyada heç üzü səadətli bir sübhə baxmayan Münəvvər xanım daha bir də sübhü görmək, müstəar bir işığa çıxmağı görmək istəmədiyindən özünü ağlaya-ağlaya imarətin arxasındakı dəryaçanın, hovuzun kənarına salmışdı. Əllərini müztəribanə diz qapaqlarında daraqlayıb heyran-heyran ətrafına baxırdı. Deyəcək bir sözü vardı. Lakin orada heç kəsi görə bilmirdi. Fəqət dəryaçanın üzündə üzən ördəklər atəşi-müsibət içində yanan balaca Münəvvəri öz tərəflərinə də’vət edirdilər. Münəvvərin ruhu qardaşlarının ruhilə pərvaz etmişdi. Lakin dəryaçanın səbirsiz, mürüvvətsiz suyu Münəvvərin barikirani-müsibətinin siqlətindən ərimiş bədənini qərinə çəkərək bir azdan sonra arxası üstə üzə çıxarmışdı. Ördəklərin çırpınmasından dalğa vuran sular Münəvvərin bədəninə hərəkət verirdi. Uzun qara saçları suyun üzünə sərilib dalğalanırdı. Qara buludların arxasından çıxan ay dünyada qara gündən başqa gün görməyən camalını işıqlandırdı. Qolları suyun üzünə açılmış, gözləri də baxırdı, bütün arzu və əməllərinin baştan-başa sönmüş və yarımçıq qalmış olduğunu anladırdı. Münəvvərin bədənini sudan çıxarıb qardaşları ilə bir yerdə Qasımxan qəbristanında, atalarının yanında dəfn etdilər. Əvam və elm oxumayan Böyükxanım da dörd qəbrin ortasında oturub göz yaşı tökürdü. Amma bir tərəfdən də doktor Luinin Parisdə təhsil edən qızı və oğlu ata-analarını görmək üçün Təbrizə gəlmişdilər. Rəsmi-tə’ziyə və sər-səlaməti yerinə gətirmək üçün Böyükxanımın evinə getmək istəyirdilər. Münəvvərin və zavallı qardaşlarının vəfatından doqquz gün keçirdi. Doktorun qızı Olqa xanım, oğlanları müsyö Jorj mərasimi-tə’ziyəti bitirmək üçün analari Liza xanımın məiyyətində Böyükxanımın otağına gəlmişdilər. Doktorun oğlanları Rzaqulu xanın imarətinə baxıb tanımırdılar. Çünki imarət hali-viraniyə üz tutmuş, imarətə baxdıqca insanı matəmi-müsibət qarşılayırdı. İmarətin səhni, xiyabanları tökülüb xarabazara dönmüşdü. Dəryaçada soyuq, qurumuş halda, fəqət Münəvvərin hini-intiharında vəsayasini dinləyən ördəklər dəryaçanın susuz kənarında sıxılıb qalmışdılar. Öz-özlərinə sədalaşır kimi sifarişlərini öz həmdərsi olan Olqa xanıma hekayə edirdilər. İmarətin nizamiləri tökülüb, o şükuhlu imarət bayquş yuvasına bənzəyirdi. Ağuşqaların şüşələri, zamanın sənki-məsacibindən qırılıb tökülmüş, hər tərəfdən insanı müsibət və ələm havası vurur, qəmkin edirdi. Pərviz xan və Hacı xanın nökərləri həyətin bir guşəsində oturub əlləri qoltuqlarında danışırdılar. Ancaq bu sözlər rahat eşidilirdi: görürsünüz bicarə Rzaqulu xanın qapısı necə bağlı qaldı? Görəsən Mirzə Rəhim ağa bu övrətə bir güzəran verəcəkdir? İndi on gündür ki, ocaq yanmayıbdır. Sonra nökərlərin biri, birinə deyirdi: mən çörəkdən keçmirəm, hərkah biz nökərlər də dağılıb getsək, bu bicarə övrət yəqin ki, dəli olar. Otaqların qapıları bir-birinə toxunur, evlərdən qəmkin və ələm sədalar çıxırdı. Ən diqqətlə qulaq verdikdə hərdənbir: «ay, qapımı bağlı qoyan oğlanlarım, durun nökərlərinizə məvacib verin! Durun on gecə ilə yanmayan çırağları bir də yandırın!» sədaları eşidilirdi. Bu vaxt Liza xanım, yanında uşaqları otağa daxil oldular. Rzaqulu xanın əvvəlcə bir tamaşakahi-dilküşa olan otaqlarına tamaşa edirdilər. İndisə nə yerdə fərş, nə də çilçıraqlar, nə də lalələr, nə də avizələr qalmışdı. Taqi-taxçanı toz basmış, ancaq Böyükxanımın ağlamaq səsi otaqlara əksəndaz olub, hər tərəfə qulaq verirdin, «Pərviz xan, Hacı xan, Münəvvər vay» sədası insanı ağladırdı. İmarətin övzayi büsbütün yox dərəcəsində idi, çünki qayırma vəsiyyətnamə ilə Mirzə Rəhim ağa yığıb öz evinə apar mışdı. Qulam xan isə həbsdə idi. Böyükxanım da bir köhnə fərşin üstündə əyləşib qabağında ən qəmkin, ən ələm bir hekayəni işarə edən bir büsat döşənmişdi. Böyükxanım qonaqları görən kimi qüssə və ələmin şiddətindən danışa bilməyərək qarşısındakı büsatın üstünü açıb ağlamaqda idi. Əcəba o büsat nə idi? Oğlanlarının xunalüdə və məktəb libasları. Münəvvər xanımın hamamdan çıxarılıb sandıqda qalan paltosu, şlyapası, başmaqları idi. Böyükxanımın gözü Jorj və Olqa xanıma düşdükdə, gəlin qardaşınızı ziyarət edin, — deyə ağlamağına şiddət vermişdi. Qabaqca Olqa xanım Münəvvərin şlyapasını götürüb bağrına basıb, budur mənim bacımın şlyapası, — deyə ağlayırdı, Jorj isə Pərviz xanın, Hacı xanın libaslarını zəbani-hal olaraq oxşayırdı. Liza xanım isə fransızca olaraq aşağıdakı sözləri deyirdi: Ah xudavənda, cəhalət nə yaman işdir! Məgər bu insafsızların insafı yox idi? Bicarə mənim oğlanlarım nə günah etmişdilər ki, ikisi də bir yerdə xunalüdə oldular? Xudavənda, kaş mən İrana gəlib öz həqiqi övladımdan da istəkli olan övladımın libasını böylə xunalüdə görmiyəydim! Xudavənda, götür mənim İrandan qismətimi. Mən daha bu cəhalət mülkündə tab gətirə bilmirəm. Biz Fransa övrətləri bu qədər məsaibə tab edəcək iste’dadına malik deyiliz! Sonra Liza xanım Böyükxanıma təsəlli verib deyirdi: – Ana, bizi halal elə! Sizin çox çörəyinizi, təamınızı sərf etdik! Boynumuzda haqqınız vardır. Biz bir həftədən sonra İrandan getməliyik. Rzaqulu xandan sonra doktor daha İranda qalmaq istəmir. Doktorun qızı Olqa xanım, Jorj, Böyükxanımı vida etdikdə ağlaya-ağlaya deyirdilər: Ana, biz iranlıların insan qatili olduqlarını Parisdə firənglərə deyirdik, inanmırdılar. İndisə öz həqiqi qardaşlarımızın ölüm xəbərini ağlaya-ağlaya aparırıq. Ana, allah səbr versin, lakin səni bir iş çox yandıracaqdır, çünki sən özün bais oldun qapın bağlı qaldı. Bir həftədən sonra doktor yığışıb Təbrizdən getdi, gedən vaxtda övrəti, övladı və özü əyinlərində səfər libası olaraq Qasımxan qəbristanına gəlib Rzaqulu xanın və övladının qəbirləri üstündə ağladıqdan sonra qayət suzişli surətdə aşağıdakı nitqi İrad edib səfərinə davam etmişdir. Haman nitqi isə mərhum şəhid Səid Səlmasi cənabları İstanbuldan Təbrizə təşrif gətirdikdə Çulfada «Qrand otel» mehmanxanasında olduğu halda çantasından çıxarıb acizlərə lazımi yerində səbt etmək üçün təqdim buyurmuşlar idi. * * * Nitqin surəti Məzarın üstünə tikilmiş bu bəyaz mərmər insanın nəzəri-heyrətini nə qədər cəlb edirsə insan bir o qədər də ələmnak olur. Zira bu bir parça yazılı daş isə də, bir fani, daha açığı bir vətən və insaniyyət aşiqinin, arı olan həyata vida etdiyini insanlara bildirir. Gəmtalə bir milyonçu!!! Öz vətənini necə fəramuş etdin? Necə bu vida, bu müfarigət məcburi idi? Yəqin ki, sən əsarətin biəman əlindən qurtararaq, məqqərrisulhi-əbədi, mərkəzi-hürriyyəti-ilahi olan dəri-ahirətə çəkildin. Ey zayir! Sən bu qaranlıq İranda bir işıqlıq istəyirdin, lakin, ey ziyalı rəfiqim, özün bir qaranlıq hüfrə basdırıldın. Ey məlaktinət! Mən cəsarətən deyə bilərəm ki, sən behiştdən azadiyyət və hürriyyəti dünya əhlinə, xüsusən İran xalqına tanıtdırmaq üçün qanad çalıb dünyaya düşən bir mələk idin! Əcəba bəs nə üçün vətənində hürriyyəti-tam bərqərar olmamış uçub getdin? Övladi-vətənin hürriyyətə münasib bir qüvvətə malik olmadıqları üçün deyil?! Bəli! Bəli! Vətəndə, millətdə hənuz o iste’dad hazır olmadığı üçün yenə peşiman-peşiman cənnətə uçdun. Mələklərə, hurilərə, öz xəyali pişivalələrinizə qoşuldun. Ey mələk! Sən cənnətdən uçub yerə qondun, əfsus ki, qonduğun yerlər əcəlzari-fələkət olan İrandan ibarət qaldı. Mən yəqin edirəm ki, sənin ruhun da behiştdə İran adı eşitdikdə qəmnak olur, sərasimə diksinir. Əlbət ki, öz vətəninizin xarabalığından, məzlumiyyətindən mələklərə söhbət edərsən. Ey işıqlı gün! qaranlıq bir vaxtda çıxdın! Qürub etdikdə heç kəs sə-nin bu ələmnak qürubunu bilmədi. Vəfasız və hənuz haqşünaslığın qədri-mənzələtini anlamayan iranlıların qəlbindən məhv oldun. Fəqət hürriyyətpərəstanın gözündə, qəlbində müçəssəm duracaqsan! Ey mehmannəvaz! Məni təşvigən İrana gətirdin. İndi isə əcəlin cəfakar hərəkəti bizi müfarigətə məcbur etdiyindən vətənimə gedirəm. Ailəm ilə səni vida üçün gəldimsə də səni ailənizlə bu qəmkin və qaranlıq torpağın içində tapdım. İndi göz yaşları ilə vida edirəm: salamat qalınız deməklə eşikdən olaraq o çürümüş əllərinizə xülusiyyət əlimi uzadıram. * * * == Dinçilər == Dinçilər (Dörd pərdədə) Əfradi-əhli-məclis Hacı Qafar – məşhur mülkədar, qırmızı saqqal, xəsis, miyanə libasda, 60 yaşında. Övrəti Mə’sumə – elmsiz övrət, qədim Qafqazın dövlətli qadınları qiyafəsində, 50 yaşında. Kərbəlayi Haşım – Hacı Qafarın oğlu, dindar fanatik, məşhur xəsis, 30 yaşında. Həlimə – Kərbəlayi Haşımın övrəti, üzü örtülü, mö’min, məhəllənin mə’lum gözəllərindən, 25 yaşında. Münəvvər – Həlimənin qızı, dövlətli qızlarına məxsus faxir libasda, 11 yaşında. Akif – doktor, Hacı Qafarın oğlu, Avropa qiyafəsində, buğları, saqqalı qırxılı, 20 yaşında. Şərifə xanım – doktorun övrəti, mamalıq dərsi oxumuş, 20 yaşında bir gözəl qadın. Əsədulla – Hacı Qafarın nökəri, avam bir nəfər iranlı, 40 yaşında, ən cındır libasda. Nəzərəli – kəndli, Hacı Qafarın rəiyyəti, cındır libasda, 40 yaşında. Mirzə Rəhim ağa – müctəhid, qarnı, boynu yoğun molla, 65 yaşında. Mirzə Bağır ağa – məşhur övrət mərsiyəxanı, müctəhidin rəfiqi, 55 yaşında. Molla Kazım – mərsiyəxan, 60 yaşında. Hacı Səməd – qırmızı saqqallar. Hacı Şükür – qırmızı saqqallar. Hacı Qurban – qırmızı saqqallar. Hacı Saleh – pul müamiləsi alan qarnı yoğun bir hacı, 60 yaşında. Nəsrulla – kasıb rəiyyət, Hacı Salehin borçlusu, 50 yaşında. Zülfüqar – iranlı, məşhur tez-tez arvad alıb-boşayan, 40 yaşında. Övrəti Səlmə – 20 yaşında, cındır libasda. Qənbər – qoçu, məşhur qız götürüb qaçırdan, 30 yaşında. Nazlı – Qənbərin övrəti, faxir libasda, 18 yaşında. Nisabəyim xanım – müctəhid Mirzə Rəhim ağanın övrəti, 30 yaşında. Pinəçi Kərim – cındır libasda, 60 yaşında. Bir neçə övrət və kişilər. * * * Birinci pərdə Əhvalat vaqe olur Hacı Qafarın evində. Ev sərvətdar bir şəxsin evini təsvir edir. Hacı Qafarın oğlu doktor Akif oturub başı açıq kitab oxuyur. Nökər Əsədulla daxil olur. Əsədulla — Ağa, bir nəfər xanım gəlib, sizi görmək üçün icazə istəyir. Akif — Oğlan, necə xanımdır?! Get çağır yanıma! (Əsədulla gedir) Əcəba bu kim olmalı? Şərifə xanım daxil olur. Şərifə — Əvət, asudə və unuducu bir qəlbə malik olan kişilər əsiri-məhəbbət olan zavallı qadınların iztirab içində keçirdikləri uzun dəqiqələri düşünməz, özünü romanlarla da məşğul edə bilər. Akif — Yox-yox! Şərifəm, öylə söyləmə! Nə mənim qəlbim unudacaq bir qəlbdir, nə də sən unudulacaq bir mələk. Şərifə — Mənə kişilərin eşq və məhəbbətə qiymət qoymayacaqlarını bir çoxları söyləyirdi — inanmırdım, lakin burasını sizdə təcrübə elədim. Akif — Şərifəm, öylə söyləmə! Məhəbbətinə yəmin edirəm ki, məndən məhəbbətsizliyi deyil, verdiyim sözün uğrunda can verməyə hazır olduğumu dəxi təcrübə edəcəksən, mən heç vaxt səni unutmamışam. Şərifə — Əvət, unuduldum! Bir küşəyə atıldığım bəs olmurdu, təzədən bir zalımın qucağına düşüb bir cahilə qadın olmaqla da təhdid olunuram. Akif — Kimdə o hünər vardır ki, mənim təmiz ruhumu bədənimdən çıxarıb kəsif bir cismə daxil eləsin. Şərifə — Hər nədən isə mən məhv oluram! Sən isə (ağlayır) məni unudacaqsan! Akif — Heç kəs iki nəfsin e’damına fitva verəməz, verərsə də xeyir aparmaz! Şərifə — Ah kişilər unuducu! Kişilər zalım! Xüsusən ata-analar daha da qatildir (ağlayır). Akif — (Şərifənin başını sinəsinə alaraq) Şərifəm! Mələyim, ağlama. Sən də, mən də ataların istibdadı altında əzilirik. Lakin genə də mənə zalımlıq yaraşmaz! Zira mən sənə söz verdiyim vaxt canımı, ruhumu, hissimi də sənə təslim etmişəm və haman əhdimə vəfa edəcəyimə genə də söz verirəm. Zira mən eşq və məhəbbət hekayələrini Şərifə adı ilə başlayıb, Şərifə adı ilə bitirmək istəyirəm. Şərifə — Akif, məni məzəmmət etmə! Mən səni gözəllik və elmin üçün sevmiş olsaydım səndən də elmli, səndən də gözəl bir kişi tapmağla öz eşqimi dəyişə bilərdim. Lakin səndəki təbii gözəlliyi mən bir başqasında tapacağıma əmin deyiləm! Akif və Şərifənin əlləri bir-birində olduğu halda Akifin anası Mə’sumə daxil olur. Mə’sumə — Akif! Oğlum! Bu qız kimdir? Akif — Ana, bu həyalı qızı sizə təqdim edirəm. Bu haman Şərifə xanımdır ki, mənim ilə Şvetsariyada doktorluq məktəbində oxuyurdu. Bu qız arzu edir ki, daima sizin hüzurunuzda yaşasın. (Şərifə tutub Mə’sumənin əlini öpür). Mə’sumə — Çox xoş gəlib səfa gətiribdir. Özü də bir xoş vaxtda gəlibdir ki, bundan da yaxşı gün olmaz. Bu günlər istəyirik ki, sənin də toyunu başlayaq. Daha nişanlın Asya da yazıqdır. Dörd ildir gözü yoldadır! Şərifə — (Diksinib əlini başına qoyaraq) Akif, mən artıq dayanmayıram, daha mən gedirəm, salamat qal! (gedir). Akif — Aman allahım, nə oldu? Bu nə xəta?! Mə’sumə — Akif, bəs yoldaşın nə üçün tez gedir? Akif — (Bir gözü qapıda) Çünki sən onu buradan qovdun, çünki sən onun nazik qəlbini yaxdın... Ah zavallı Şərifə, dərdinə çarə üçün gəldisə də yeni bir yara ilə qayıtmağa məcbur oldu. Mə’sumə — Subhanalla, mən ona şirin dildən başqa ki, söz söyləmədim. Akif — Mənim toyum şad başlanarsa ancaq bu qəlbini sındırdığınız Şərifə ilə başlanacaq. Yasım, qəmli, əcəlli, fəlakətli günlərim isə sənin sevdiyin Asya ilə vücuda gələcək. Çünki o, mənim ürəyimə biganədir, yabançıdır. Mə’sumə — Uzun qara olsun, bu nə sözdür? Akif — Əvət doğru söz budur. Sən bunu atama da söylə. (Gedir). Mə’sumə — Bura bax, bura bax! Bir bunun ağlına tamaşa elə! Vallah özümü öldürərəm! Hacı Qafarın öskürmək səsi gəlir. Daxil olur. Hacı Qafar — Ay arvad, sənə deməmişəm ki, qaraçı kimi səsini başına salma? Genə evdə bu nə hay-küydür? Gəlin hara gedibdir? Ah, qocalıq nə yaman şeydir. Mə’sumə — Allah sənin evini başına uçursun. Allah səni bu qoca vaxtında imansız dünyadan aparsın. Sənə yüz dəfə dedim ki, oğlunu doktorluğa göndərmə, elə mən dedim, mən də eşitdim. De buyur indi cavabını ver!.. Hacı Qafar — Səsin çox da xoşuca gəlməsin! Sözü qısa söylə görüm nə olub ki? Mə’sumə — Nə olacaq, kişinin qızının evini yıxdın. Hacı Qafar — Lə’nəti-ilahiyə giriftar olasan. Mənim saqqalımın bu vaxtında qız ilən, zad ilən nə işim var? Qız kimdir? Mə’sumə — Kim olacaq! Rəhmətlik Hacı Qasımın qızı Asya, belə sənin oğlun Akifin adaxlısı, indi anladın ki? Hacı Qafar — Ay imansız öləsən, daha məndə ürək qalmadı, açığını söylə görüm axır qıza nə olub? Mə’sumə — (ağlayır) Daha bundan açıq nə deyim! Oğlum gedib başı açıq gəzən Şərifəni gətirib evə ki, buna mən məktəbdə oxuyanda söz vermişəm, alım. Hacı Qafar — Arvad, məgər ixtiyar ondadır ki, gedib Şərifəni alsın? (Həlimə daxil olur). Kişinin qızına dörd ildir ki, üzük verilib, budur böyük bacısı on ildir mənim oğlumun evindədir. (Qəzəbli) Vallahi ki, elə bir səfeh xəyala düşsə bu mal-dövlətdən elə məhrum eləyərəm ki, gün çörəyinə möhtac qalar. (Həliməyə) Get bir içməli su gətir. (Həlimə gedir). Mə’sumə — (Həliməni göstərir) Budur, bir halal süd əmmiş arvaddır, bir nəfərin yadına gəlməz ki, bunu başıaçıq görsün. (Hacı Qafara) Hələ kiçik bacısı ki, bir parça cavahirdir. Bir barmaq boyda idi anası məscidə gətirəndə üzünü tutardı. Hacı Qafar — Arvad, elə mən də bu fikri elədim. Dedim iki bacı bir evdə olsun, çörəyim də parçalanmasın. Mə’sumə — Kişi, getdiyin Məkkəyə and olsun, onun mə’minliyindən də artıq qıçının sınıxlığıdır. Uzaq yeri bağçadır, yaxın yeri mətbəx. Heç oğlun Kərbəlayi Haşım da arvadından qalıcı deyil. On yaşında qızı akuşkadan küçəyə baxdığı üçün az qalırdı qızı öldürsün. Hacı Qafar — Gərək arvad, qız tayfasını elə ürküdəsən ki, bilməsin allahın günü göyün hansı tərəfindən çıxır, hansı tərəfindən batır. Mə’sumə — Belə ha! Amma Şərifə şilapkanı qoyub başına, küçədə gedəndə gözləri havada oynayır. Həlimə su gətirir verir Hacı Qafara. Hacı Qafar — Atan Hacı Qasım abi-Kövsər suyundan sirab olsun. Nökər Əsədulla daxil olur. Əsədulla — Ağa, beş-altı nəfər kəndli gəlib sizi görmək istəyir. Amma sonra ağa məni yamanlama, özləri də kasıba oxşayırlar. Hacı Qafar — Gədə, niyə demədin ki, hacı evdə deyil? Əsədulla — Bəli, dedim ki, elə indicə gəlib, hələ namazını da qılmayıb. Hacı Qafar — Allah sənə də lə’nət eləsin. Yüz dəfə demişəm ki, gördün ki, əyni-başı çırıqdır, deyinən ki, hacı evdə deyil, və halonki qardaşım da olmuş olsa. Get burax gəlsinlər, qanmaz haramzada. (Arvadına) Mənim bu kəndli tayfasından zəndlə zəhləm gedir. Elə yanına ki, gəliblər başlayacaqlar and içməyə. Mə’sumə — Allah onları vursun. Gündə bir dəstə gəlib evi zibilləyib getməkdən başqa mənfəətləri yoxdur. Kəndlilər daxil olurlar. Hacı Qafar — Balam, genə nə var tökülüb gəlmisiniz? Qoymazsınız bir xalq evində rahat otursun? Akif daxil olur, börkünü qoyub əyləşir qəzet oxumağa. Nəzərəli — Hacı, sən olasan getdiyin Məkkə, sən olasan Xorasanın qızıl künbəzləri, sən olasan qırmızıgöz ağam, bir yaxamızı Kərbəlayi Haşım ağanın əlindən qurtar! Akif həyrətli baxır. Hacı Qafar — (arvadına) Gördün ki, mən sənə əvvəldən bunların həyasızlıqlarını demədimmi? (Kəndlilərə) Genə nə olubdur ki, tamam Məkkə, Mədinəni yığıb tökdünüz bura? Nəzərəli — Nə olacaq, yanı dişi balalı inəyimi satıb verdim ki, borcdan xilas olum. Götürüb yanımda da bir kağız çırdı ki, bu da sənin höccətin. İndi görürəm ki, höccətimi qoyub suda evimi satdırmaq istəyir. Hacı Qafar — Kəs səsini namərbut. Mən hacı adam, höccət zad bilmirəm. Kərbəlayi Haşım daxil olur. Ay qanmaz oğlu, bu cür haramzadalar ilən niyə alışveriş edirsən? Bəlkə bu evdə bir başqa adam olaydı. Elə bilərdilər ki, doğrudan da mən pul tənzili zad yeyən adamam. (Kəndlilərə) Çıxın buradan namərbut oğlanları! Akif — Bilməyirəm yenə, ilahi, bu nə mənzərədir? (Atasına) Nə üçün bunların dərdlərinə yetişməmiş evdən qovursunuz? Kərbəlayi Haşım — (Gəlir Akifin yanına) Akif, belə işlərə qarışma. Bu kəndlilərin xasiyyətidir. Mən bunun, doğrudur, höccətini qoymuşam suda, amma ondan bir də almayacağam. Çünki evi qorxuram satsın özgəsinə. İndidən istəyirəm ki, başını bağlayam. Qələt eləyir, bir damı vardır qoysun qalsın öz övladına, nə üçün satsın. Akif — Öylə isə mən də səndən razı olaram və bunun da müqabilində sənə bir təzə müjdə verəcəyəm. Kərbəlayi Haşım — Hələ sən müjdə verəndən sonra gör mən nə müjdə verəcəyəm. Budur əlimə bir kitab keçib ki, tamam dünyada misli yoxdur. Akif — Kəblə Haşım, qəzetənin yazdığına görə bundan sonra dünyada olan müharibələr, qan tökmələr, qətl, qarət, zülm, cəbr — hamısı məhv olacaqdır. Bütün böyük dövlətlər yığılıb istəyirlər tərksilah edib bütün bəşəriyyəti asudə yaşamağa buraxsınlar. Doğrudan da bu xəbər mənə bir təzə can verir. Daha bundan sonra nə ağlar gözlər, nə də məzlum və kiçik millətlərin əzilməsini görməyəcəyik. Kərbəlayi Haşım — Buna da bir müjdə xəbəri deyirsən? Pəs gör mən nə kitab gətirmişəm? Bu kitabı atamın cəmi dövləti ilə dəyişmərəm. Bu bir təzə müctəhidin risaləsidir ki, şöhrəti dünyanı tutub. Əvvəl-axır bütün şəhərdə bircə dənədir ki, o da düşüb mənim əlimə. Hacı Qafar — (arvadına) Yəqin ki, genə beş-altı abbasımı tələf eləyib. Akif — Vay-vay bizim halımıza! Nə vaxta qədər bu risalələrdən, yə’ni qüsl, təharət proqrammaları ilə oynamalıyıq. Kərbəlayi Haşım — Maşaallah sənə! Doğru desən əlindəki qəzetəni bundan artıq bilirsən. Akif — Əlbəttə, qəzetə artıqdır! Qəzetə müqəddəsdir. Zira qəzetədə daima bir yenilik var, lakin o risalədə əskilik, təharət, nəcasət, həcamət, kəsafət, ufunət sözləri doludur. Hacı Qafar — Arvad, dur bir daş sal mənim bu başıma (İki əlli çalır başına). Qalmışam bu iki dəlinin arasında, bilmirəm hara gedim? Bu oğlum bir cürə dəli, bu oğlum da bir cürə axmaq. Kərbəlayi Haşım — Ata, and olsun getdiyin Məkkəyə, bu gün elə bilirəm dünyanı mənə veriblər. (Məclisə) A kişi, məni lap qəflət basmış imiş ki, Ağanın yazdığına görə mənə çoxdan Məkkə vacib olmuş imiş. Hacı Qafar — (arvadına) Gördün dəlidir? (oğluna) Gədə, başına soyuq dəyibdir nədir? Necə sənə Məkkə əlaqə tapıbdır? Kərbəlayi Haşım — Əlbəttə, mənə dəli deməyə haqqın vardır. Çünki məsələdən xəbərdar deyilsən. İndi qulaq asın oxuyum. (oxuyur) Hər pəsəri ki, pədərəş dər hal-həyat nəbaşəd və dər kəsbikari pədəre xod iştirak nemudə, dövləte-mal cəm’ nümayəd, on şəxsra ziyarəti beytülhəram vacib əst. (Kitabı öpür) Vallahi ki, bu il piyadə də olsa gərək gedəm. Hacı Qafar — Çox gözəl! Balam, bu risalənin yazanı kimdir? Kərbəlayi Haşım — Kim olacaq, Fazil-Ərdəbili səlləməllahu taala. Hacı Qafar — Arvad, yalan desəm tutduğum oruc Yezidin olsun, mən əvvəlinci dəfədir ki, Ərdəbildən Fazil eşidirəm. Genə desəydi ki, Ərdəbil lotusu heç darıxmazdım. (Oğluna) De görüm hələ təksən, yainki genə də şəhərdə dəli olan var? Kərbəlayi Haşım — Bu gün tezdən evdən çıxdım gördüm ki, dişim çox ağrıyır. Dedim ki, gedim bir xəttimə həna bağlayım. Sonra gözümün ağrısından söhbət düşdü, dedilər ki, gərək boynunun dalısından bir həcamət qoyulsun. Hacı Qafar — Uzun danışmağda heç anandan dalı qalmazsan. Kərbəlayi Haşım — Usta Qənbər həcaməti boynumun dalısına qoya-qoya söhbəti gətirib çıxardı bu yerə. Dedi ki, hətta ağanın risaləsi də bu saatda eşik hamamda, ustanın sandığının üstədir. Risaləni gətirən də bu Usta Quldur ki, Kəblə Teymurun başına kisə çəkir. Ağanı rubəru görüb on beş gün də namazında olubdur. Hacı Qafar — Bəli, arvad, yaxamız Nəcəf müctəhidlərinin əlindən qurtarmamış düşdü hamam müctəhidlərinin əlinə. Mənim imanıma lə’nət olsun ki, əgər yalan deyirəm. Mən indiyə qədər hamam müctəhidi eşitməmişəm. (Kəblə Haşıma) At o kitabı allahı sevərsən, onsuz da mənim evim yıxılıb. Kərbəlayi Haşım — Ata, sən allah elə buyurma! Mənim min canım olaydı, mini də bu ağanın risaləsinə qurban olaydı! Hacı Qafar — Arvad, dur bu qapıları bağla, kilidini at dama. Bir oğlumu qoymuşam dərsə, gedib hamamdan bir kitab gətirib ki, mənə Məkkə vacibdir. O biri oğlumu da göndərdim dərsə, buğun-saqqalını qırxdırıb gəldi bəs olmadı. Dörd ildir ki, kişinin qızına üzük verilib, indi gəlibdir başıaçıq Şərifəni istəyir. Bunlar ikisi də dəli deyil bəs daha nədir? Akif — Bəli, mən Asyanı almaq istəmirəm. Çünki mən onu alsam, ona zülm etmiş olacağam. Mən açıqlarla yaşamağı sevirəm, o isə örtülü yaşamışdır. Hacı Qafar — Heç bunun bir şeyə dəxli vardırmı? Akif — Bəli, mən Asyanı alsam, o istədiyi həyatı məndən görə bilməyəcəkdir. Mənim sevdiyim şərifələrdir. Həlimə ilə asyaların da istədiyi mənim qardaşım Kərbəlayi Haşım kimilərdir. Kərbəlayi Haşım — Yenə bir alnın mühürə dəysəydi, ürəyim yanmazdı, özün də ömründə qüsl təyəmmümün təhərini bilməzsən, başlamısan mənə eyib tutmağa. Akif — Doğrusu mən istiqbalımı, səadətimi onda görürəm ki, aldığım övrət mən dediyimi anlasın, mən də o dediyini anlayım. Lakin siz burasını düşünməyirsiniz. Həm mənə, həm də mənə almaq istədiyiniz asyalara zülm eləyirsiniz. Mə’sumə — Sənin uzun qara olsun! Heç bilirsən ki, Asya səni necə istəyir? Qanadı yoxdur ki, uçsun. Sənin gəlməyinə nəzir deyib, indi də oruc tutur. Akif — Nə yapsın zavallı? Ona oruc-namazdan başqa bir şey öyrətmişlərmi? Əlbəttə, ancaq onunla ac qalmağı bir fəzilət bilən və onunla da behiştə getmək istəyən kişilər yaşaya bilərlər. Hacı Qafar — Balam, necə sənin qeyrətin qəbul edir ki, övrətin naməhrəm kişilərin yanında başıaçıq dolansın? Akif — Əcəba, indidəmi yazıq qadınları taçir mətaları kimi kisələrə doldurmaq istəyirsiniz? Qoy onlar da açıq havada gəzib təmiz hava alsınlar. Hacı Qafar — Arvad, cəmi təqsirlər səndədir ki, bunu mən oxumağa göndərəndə mane’ olmadın. Mə’sumə — Yalançı imansız ölsün! Yalançı dinsiz ölsün! Bunu da mən dedim ki, get saqqalını-buğlarını qırxdır, özünü çin-şəyatin şəklinə sal? Akif — Heç bir-birinizi təhqir etməyin. Mən bu tükləri üzümdə bir kəsafət hesab edirdim, ona görə də belə elədim. Kərbəlayi Haşım — Sən allah elə söyləmə! Mənim bu saqqalım dörd dəfə ağa qulluğuna gedibdir. Vallah, bu saqqalımın bir tükünü atamın cəmi dövlətinə dəyişmərəm. Mən bilirəm ki, bunun səbəbinə cəhənnəm odu məni yandırmayacaqdır. Akif — Kəblə Haşım, burax kənara bu aldadıcı sözləri, fəqir kənd xalqının qanını sora-sora dövlət sahibi olurkən yenə də behişt, cəhənnəm sözü danışırsan. Lakin mən görürəm ki, dünyada behişt sizin, cəhənnəm də fəqirlərindir. Axirət isə gülünc və məsxərə! Hacı Qafar — Balam, daha niyə deyirsən ki, dərs oxuyub adam olmuşam? Bir yerli söylə ki, başlı-qulaqlı bir axmaq olmuşam. Bəs ar-qeyrətə nə deyirsən? Başıaçıqlığa nə deyirsən? Mə’sumə — Heç Asya nəcabətdə dünyada bir qız vardır ki? Hacı Qafar — Bu qızın anası Şərəfnisə xanım dörd hasarın arasında ağaca alma dərməyə çıxanda bilirsən rəhmətlik Hacı Qasım nə eləmişdi? Vurub salmışdı yerə ki, məbada boyunu naməhrəm görsün. Arvadın beli sınmışdı. Elə haman sınmaq ilə də öldü. Mən sənə belə qız alıram. Akif — Övrətləri vurub öldürüncə, onları başı örtülü gəzməyə məcbur edincə, vəhşi müsəlman kişilərini tərbiyə etmək olmazmı? Hacı Qafar — Düzünü deyirəm, hərgah bu səfahəti başından çıxartmasan bu mal-dövlətdən sənə bir şahı da hissə verməyəcəyəm. Akif — Əcəba mən insanlıqdan danışıram, sən mənə murdar dövlətdən danışırsan. Halbuki, bu dövlət kəndlilərin göz yaşlarından cəm’ olunubdur. Açıq övrətlərin açıq olan qəbahətini görən əski qafalar örtülü qəbahətləri də unutmamalıdır. Mən qəlbi açıq olduğum kimi açıqlığı da sevirəm. Özümü bu şəkillərə ondan ötrü salmışam ki, həşərata oxşamayım. Hacı Qafar — Həşərat özünsən, dinsiz oğlu dinsiz. (Kəblə Haşımın əlindən risaləni alıb atır, Akif başını əyir, kitab gedir bayıra). Kərbəlayi Haşım — Ata, sən allah ağanın risaləsini bihörmət eləmə. (Qaçır eşiyə). Pərdə düşür. * * * İkinci pərdə Vaqe olur Kəblə Haşımın evində. Xəsis bir dövlətliyə məxsus Qafqazlı evidir. Kərbəlayi Haşım — Ay uşaq, daha oturmaq vaxtı deyil! Durun qaçın o biri otağa, adam gəlir! Daha yubanmayın! Ya allah... ya allah. Tez! tez!.. Şərifə — Ay Kərbəlayi, məgər nə olubdu ki? Kərbəlayi Haşım — (Həliməyə) Ay arvad, sən buna baxma, götür çarşabı tez ol, evə adam gəlir!.. Şərifə — (məclisə) Vallah, bunların işinə lap mə’təttəl qalmışam. Mən eşitmişəm ki, vəhşilər gələndə adamlar gərək qaçsın. Amma bunlar deyirlər ki, qaçın adam gəlir. Mirzə Rəhim və Mirzə Bağır daxil olurlar, arvadlar o biri otağa keçəndə görünürlər. Kəblə Haşım o tərəf-bu tərəfə qaçır. Mirzə Rəhim — Kəblə Haşım, bu nə füzulluqdur? Sən məni kimlərə oxşadırsan! Mən on səkkiz ildir ki, təhsillən gəlmişəm, gözlərim naməhrəmə sataşmayıbdır! Əstəğfürulla rəbbi və ətubi ileyh. Kərbəlayi Haşım — (gəlib əlindən öpərək) Cənab ağa, gərək mənim təxsirimdən keçəsiniz. Xahiş edirəm onları da öz kəniziniz hesab edib əyləşəsiniz. Mirzə Rəhim — Kitabül-Həqqülyəqinin sahibi buyururlar ki, hər o mö’minlər ki, gözü bir dəfə naməhrəmə sataşsa qırx illik qəbul olunmuş ibadətini lovhdən pozarlar. Mirzə Bağır — Cənab ağa! Əyləşin. Bu mö’minin qəlbini ələ gətirmək üçün xudavəndi-aləm sizi ondan ötrü xəlq eləmişdir ki, günahkar bəndələrin günahını bağışlatdırasınız. (Qolundan tutub əyləşdirir.) Mirzə Rəhim — Xeyli xub. Kəblə Haşım, qonaqların daha kimdir? Kərbəlayi Haşım — Bir özgə qonaqlarımız yox. Məhz rəhmətlik atamın Məkkə yoldaşlarıdır. Mirzə Rəhim — Bəs əxəvinizin təşrifi haradadır? Kərbəlayi Haşım — Cənab ağa, o da xidmətinizə gələcəkdir. Lakin gərək əfv edəsiniz. Çünki müsəlmana-zada oxşamaz. Mirzə Rəhim — Eyb etməz, gərək burada hazır olsun. Çünki onun vücudu burada olmasa bölgü işləri şər’ən başa gəlməz. Kərbəlayi Haşım — İndi ki, ağa izin verir, mən də çağıraram. (gedir). Mirzə Bağır — Cənab ağa, o ucaboylu övrətə yaxın oturan balaca qızı gördünmü? Haman qız bu Kərbəlayi Haşımın qızıdır. Bir neçə dəfə allahın əmrini yerinə yetirmək üçün bu Kərbəlayi Haşıma izvari-mətləb eləmişəm, genə də ayağı bir tərəfə çıxmayıbdır. Mirzə Rəhim — Sən heç tələsmə! Bunun başına Məkkə havası düşübdür. İşlərin hamısı düzələr. Bu Məkkə səfəri çox da yüngül səfər deyildir. Vəba var, taun var, ishal var, nə bilim cürbəcür naxoşluqlar da vardır. Belə mənə de görüm o akuşkanın arasında oturan matuşka kim idi? Mirzə Bağır — Cənab ağa, necə akuşka, necə matuşka? Nə buyurursan? Bu haman doktorun arvadı Şərifədir ki, özü də mamalıq dərsi oxuyubdur. Mirzə Rəhim — Nə buyurursan sən, necə Şərifə? Məgər o müsəlmandır? Xudavəndā sən fəryada yetiş! Nə yaman günlərə qaldıq! Mirzə Bağır — Cənab ağa, əslinə baxsan Şərifə əldən gedib, dini imanı bada verilib. Ancaq gərək siz istəğfar edəsiniz. Çünki genə ümid birçə sizə qalıbdır. Mirzə Rəhim — Doğrudan da xeyli vəcihədir! Xeyli sahibcamaldır. Heyflər olsun ki, cəhənnəm oduna yanacaq. Mirzə Bağır — Cənab ağa, gərək bu biçarələrə qiyamətin günü şəfaət edəsən. Mirzə Rəhim — Olmaz! Olmaz, Mirzə Bağır! Gərək bu tənasübi-əndam cəhənnəm odlarında yansın, gərək bu zülfi-müşkfamə əqrəblər dolaşsın, gərək bu şuxi-güləndam ilanların xörəyi olsun. Akif və Kəblə Haşım daxil olur. Akif — Xoş gəlibsiniz axundlar! Çox iltifat buyurmusunuz! Mirzə Rəhim — Allah sizi hifzi-əmanətində saxlasın. Lakin müsəlman olduğunuz halda özünüzü bu şəklə salmaqda heç insaf etməyirsiniz? Akif — Mən özümü bu şəklə ondan ötrü salmışam ki, həmişə qardaşım Kəblə Haşım ilə bir yerdə duranda xalq baxıb köhnə dünya ilə təzə dünyanı görə bilsinlər. Mirzə Rəhim — Mirzə Bağır, zamanı ki, məhşəri-kübra qurular, bir dəstə üzünün dərisi soyulmuş camaat gətirərlər. Döşlərində oddan lövhələr olar. O lövhələrdə yazılmış olar ki, bu camaat dünyada öz buğ-saqqallarını qırxdıranlardır. Kəblə Haşım ağlayır. Akif — (gülür) Budur sizin söylədiyiniz əfsanələrə köhnə dünyadan nümunə olan Kəblə Haşımlar qadınlar kimi ağlayır. Lakin akiflər sizə və ona acı-acı gülür. Söylə mənə nə ki, istəyirsən. Mirzə Rəhim — Mirzə Bağır, hələ bu cəhənnəmin nədən ibarət olduğunu anlamır, amma qulaq ver ərz eyləyim. Bir camaatı da qiyamətin günü məhşərə gətirərlər ki, onların başının təpəsində oddan qazançalar qaynayır. Bu halda məhşər əhli həyəcana gəlib söylərlər: ilahi, genə kimdir bu camaat?.. Xitabi-rəbbülərbab yetişər: ey mənim bəndələrim, bunlar da haman adamlardır ki, başlarına şapka qoyublar. Kərbəlayi Haşım ağlayır. Mirzə Bağır — Xudavəndā, sən yetiş şiələrin fəryadına, subhanallah!.. Əstəğfurullah, bu nə aləmdir məgər? Akif — Eviniz bərbad olsun, dünya bir-birinə dəyib, qiyamət günü dünyada başlanmış. Amma siz genə də yuxudan, xəyalatdan, keza görünməyən əfsanələrdən danışırsınız. Mirzə Rəhim — Bəli, hələ sən qafilsən, hələ cəhənnəmə inanmazsan. Bir güruhu məhşər meydanına daxil edərlər ki, onların ağzından əqrəblər, ilanlar tökülər. Xitabi-rəbbülərəbab yetişər ki, ey mənim bəndələrim, bunlar da haman adamlardır ki, əcnəbi dillərində dərs oxuyublar. Kərbəlayi Haşım — (ağlayır) İlahi, sən o günkü gündə mənim qardaşımın fəryadına yetiş. İlahi, sən bizim günahımızdan keç! Akif — Həqiqətdə mən bilmirəm ki, sizin bu əfsanələrinizə gülüm, ya ağlayım? Amma bunu mən yəqin etmişəm ki, sizin özünüz də bu hədyanlara inanmayırsınız. Lakin bu əfsanələr sizin əlinizdə böyük bir alətdir ki, onun vasitəsilə mənim avam qardaşımı və bunun kimiləri öz torunuza salırsınız. Mirzə Rəhim — Bu sözlərə də inanmayan, allaha inanmayır. Biri də ki, allaha inanmadı onun ilə danışmaq da haramdır. (Mirzə Bağıra) Mirzə Bağır, dur buradan məni xaric elə! Mən eşidə bilmirəm belə-belə sözləri. Mirzə Bağır — Cənab ağa! Siz müctəhidlərə lazımdır ki, genə də bunları haqq yola dəlalət eyləyəsiniz. Behişt və’dələri verib cəhənnəm əzabından qorxudasınız ki, bəlkə ağlı başına gəlsin. Akif — Siz əgər axirətin cəhənnəmlərinə qafilsiniz, bəs nə üçün yerdəki allahların cəhənnəmlərini göstərmirsiniz? Bəs nə üçün zalımların qanlı məhkəmələrini, yandırıb yaxan atəşlərini gizlədirsiniz? O atəşləri yaxan şəhvətçi soltanları, səfahətpərəst padşahları, cahankir kralları göstərməkdən nə üçün arlanırsınız? Mirzə Rəhim — Sən onu bilməlisən ki, dünyanı qan selləri tutsa şiəyi-xullusə heç bir zaval yoxdur. Dünyanı qan selləri tutsa da mö’min qardaşların ayaqlarını da islatmaz! Sən bax bir İran dövlətinə. Bizim duamızın bərəkətindən orada yüz ildir ki, bir tüfəng də atılmayıb! Məgər sən bu mö’cizələrimizi də inkar edəcəksən? Akif — Ey öz gözləri kor, insanları özlərindən də kor hesab edən qafillər! Dünyada müharibə nədən ötrü olur? Hüquqa təcavüz etməkdən deyilmi? İranda daha nə qalıbdır ki, sərvətdar hökumətlər əlinə keçməsin? Qafil insanlar, nə yapışmısınız cəhənnəm, behiştin quyruğundan. Göylərdə, quşlar kimi havalarda olan təyyarələrdən atəşlər, təbiətin ildırımlarına dəhşət verən pulemyotlar, yaşıl şəridləri, maralkeçməz meşələri cəhənnəm bucağına döndərən top külləsi... sizi yenədəmi ayıltmadı? Sizi bu qədər qurultular genə də yuxudan oyatmadı? Mirzə Rəhim — Nəyə lazımdır dünya malı? Qoy padşahlar hamısı İranı qarət etsin, bizə lazım deyil dünya çifəsi! Axırda bütün dünya bizim dediyimiz yolu tapacaq, tapmaz isə məhv olub gedəcək. Akif — Ey bizə hakim sayılıb nə olduğu mə’lum olmayan qüvvət! Sənin bu qafillərdən xəbərin varmıdır? Atəşlər dünyanı tutub yanır, bunlar genə cəhənnəm əfsanələrindən əl çəkməyir. Mirzə Rəhim — Bəli, bu odlar haman cəhənnəm odlarıdır ki, yetmiş min dəfə suya basandan sonra atıblar bu dünyaya. Yoxsa onun istisindən cəmi vəhuş, tüyur həlak olmuşdular. Kərbəlayi Haşım — (ağlayır) İlahi, sən bizim qiyamətin günü fəryadımıza yetiş, ilahi, sən bizi cəhənnəmin odundan xilas elə! Akif — Ey mənim avam qardaşım! Sən nə vaxta kimi kor qalacaqsan? Din və sərvətə aldanmış xalqın yerdə qopardığı qiyamətləri görməyirsənmi? Görmürsən dünyanı dağıdan cahankir orduları? Qiyamətə və cəhənnəmə inanan bəşər bir-birini qırıb bitirir. Yerlərdə qiyamət qopmuş, məmləkətlər yanır, şəhərlər yaxılır, qəsəbələr, göylər viran olur. Bəs hanı bu əmmaməli insançıların göstərdiyi yardımlar? Dünya bir-birinə qarışmış. Xalq üçün məkan yox, vətən yox. Bütün mədəni bəşəriyyət qaçqınlar kimi hərə bir daşın böyrünə sıxılmış, genədəmi yatmaq istəyirsiniz? Mirzə Rəhim — Bəli, nə qədər ki, bu millətlər islamiyyəti qəbul etməyiblər yer üzü sakit olmayacaqdır. Buna bais deyil məgər bizim nəzərimiz! Akif — Demək ki, bu qanları tökən və bütün bu cinayətləri yapan allahın özüdür ki, siz də onun başında durmusunuz. Mirzə Rəhim — Bəli, xudavəndi-aləm öz bəndələrini imtəhana çəkir! Akif — Odur ki, siz xalqı vətən, millət sözləri ilə iti süngülərin altına soxub ləzzət aparırsınız. Şəhid dediyiniz müharibə qurbanlarının nə yolda öldüyünü bilmiş olsaydı, bu kimi qanlar əbəs yerə tökülməzdi. Mirzə Rəhim — Bəli, hər kəs yolundan çıxıb mollaya, müctəhidə irad tutub, xüms-zəkatı, imam malını verməyib, buğlarını, saqqallarını qırxdırıb pulu olub ziyarətə Məkkəyə getməyibdir, bu bəlaları çox görəcəkdir. Hacı Səməd — (daxil olur) Salam əleyküm! Ağalar, nə var, nə səsdir? Kərbəlayi Haşım — Heç, Hacı Səməd əmi, cənab müctəhid allahın əhkamından buyururdu. Sən allah, əyləşiniz! (Əyləşir). Məclis — Ya allah, hacı! Hacı Səməd — Allah köməyiniz olsun! Zəhmət çəkməyin, özüm əyləşərəm. Amma bir az yubanmağımı bağışlarsınız. Mirzə Rəhim — Hacı Səməd, nə olub ki, bu qədər təxir etdiniz? Hacı Səməd — Oğlum Kərbəlayi İmanın uşağı birdən-birə qaraldı. Səhərdən o mollaya, bu falçıya, baxıçıya qaçmaqdan yorulmuşam. Akif — Hacı, uşaq neçə yaşındadır? Hacı Səməd — Əslinə baxasan bizim Kəblə İmanın heç oğul övladı olmazdı, olanda da ikicə ay yaşayıb ölərdi. Dua qalmadı aldıq, nəzir qalmadı elədik, başınızı nə ağradım, erməni keşişlərinə qədər gedib dua aldıq. Axırda bizə bir dərviş rast gəldi. Dərviş bir qara həbbə dua oxuyub verdi Kəblə İmana. Doqquz aydan sonra bir oğlan uşağı dünyaya gəldi. İndi uşaq qırxca günlükdür. Akif — Çox pakizə! (kənarə) bu da müsəlmanların bir rəngidir! Mirzə Rəhim — Hacı, bəs sonra uşağa nə çarə elədiniz? Hacı Səməd — Molla Əsəddən bir dua gətirdik sakit olub yatdı. Şək gətirənin zatına lə’nət! Akif — Qoy rahət olub yatsın! Çünki o yatmaqla öz yaxasını cahil ataların əlindən qurtarıb yenə də yoxluğa doğru gedir. Kərbəlayi Haşım — Qardaş, hər nəyə şəkk edirsən et, amma Molla Əsədə şəkk eləmə! Bizim Münəvvərin də diriliyinə səbəb odur! Hacı Şükür — (daxil olur) Salam əleyküm! amma gərək yubanmağı bağışlayasınız! (əyləşir). Kərbəlayi Haşım — (qalxır) Ya allah, Hacı Şükür! Hacı Şükür — Allah köməyin olsun, zəhmət çəkmə. Mirzə Rəhim — Bəs, Hacı Şükür, səbəb nədir ki, yubanmısan? Hacı Şükür — Gərək əfv eləyəsiniz! Bu gün qızım Nərgizə nişan qoyurdular. Mirzə Rəhim — Xudavəndi-aləm qızı xoşbəxt eləsin, kimə verirsən? Hacı Şükür — Doğrusu yaxşı Məşədi Seyfulla bu qızı iki il bundan əvvəl istəyirdi. Amma eybi burasında idi ki, qızın doqquz yaşı var idi. Məşədi Seyfullanın da evində iki arvadı var idi. Amma bir neçə gün bundan əvvəl övrətlərin birisi uşaq üstə öldü. Özüm də gördüm ki, qızın ərlik vaxtı keçir daha bənd olmadım, dedim ki, qoy götürüb getsin. Mirzə Bağır — Hacı, gərək Məşədi Seyfulla o biri övrətini də boşayıbdır. Hacı Şükür — Əslinə baxasan Məşədi Seyfulla arvad boşayan adam deyil. Bizim onun evinə gedib-gəlməmiz var. Ona da yaxşı bələd olmuşam. Çünki indi beş ildir ki, dayısı qızı məndədir. Xüsusən xalası da mənim siğəmdədir, elə birevli kimi sayılırıq. Onun boşadığı övrətdə bir övrətlik yox idi. Yazıq altı dəfə boşadı, aldı, genə də başa gəlmədi. Məclisdən — Tfu, sənin zatına lə’nət belə arvad! Hacı Şükür — Hə, indi görün ki, Məşədi Seyfuallada heç təqsir yoxdur. Yazıq deyəndə ki, balam dur bir kasa su qızdır mən xəttimin hənasını yuyacağam, deyir ki, hamam yaxındadır get hamama. İndi görün bu yazığın təklifi nədir? Məclisdən — Əlbəttə boşamaq! Hacı Şükür — Belə ha! Atanız oldu rəhmətdə Məşədi Seyfulla da bir zabitəli kişi, daha davam edə bilməyib, uşaqlarını da verdi qoltuğuna, saldı bayıra. Məclisdən — Əlinə dönüm! Elə də lazım idi! Mirzə Rəhim — Elə şəriət də belə buyurur. Bir övrət ki, sözə baxmadı, kəbin də düşməz! Hacı Səməd — Qurban olum belə şəriətə. Vallah mən boşadığım arvadlara kəbin versəydim, başımda börküm də qalmazdı. A kişi, belə də olmalıdı da. Yə’ni belə deyil? Akif — Hacılar, mən görürəm ki, siz özünüzü mö’min və müsəlman hesab edə-edə insan olan qadınları heyvan kimi alıb, heyvan kimi də satırsınız. Hacı Şükür — Bəs necə olsun ki? Bir övrət ki, əlli beş yaşında ərinə saqqalını yumağa su qızdırmasın, ona da kəbin düşərmi? Sən bir yollu deyilən ki, şəriətə rəxnə qataçağam. Akif — Bəli! O arvad gərək nəinki onun hənasına su verməyə idi, bəlkə onu həna yaxmağa da qoymayaydı. Çünki əlli beş yaşında baqqal saqqalını qızartmasaydı sən də on bir yaşında Nərgizi onun qucağına salmazdın, o da övrət-uşağını eşiyə salmazdı. Hacı Şükür — Eşiyə salar, canın da alar. Biz bu börkü başımıza isti-soyuqdan ötrü qoymamışıq, qeyrətdən ötrü qoymuşuq. Hacı Səməd — Ay başınıza dönüm, elə mənim də oğlumun e’tiqadı belədir. Hacı Şükür — Mənim oğlum bu e’tiqadda olsa genə şükür edərəm, amma elə söz deyir ki, dilimə gətirə bilmirəm. Hacı Səməd — Olmaya siğəni danır? Hacı Şükür — Deyir ki, heç allah dibindən yoxdur. Mirzə Rəhim — Mirzə Bağır, dur buradan xaric olaq, indi bu imarət uçar başımıza! Məgər allahı da danmaq olarmı? Akif — Hərgah o allah varsa, bəs yerdəki allahlar kimdir? Gözə görünməyən allahın torpağında minlərcə allahlar vardır ki, hamısının behişti, cəhənnəmi, hurisi, gilmanı, cəlali-cəbaruti, əzab mələikələri, əlişan binaları, zərnişan qəsrləri, bəndələri, səcdəsinə yıxılanları da vardır. Hərgah o allah varsa, bəs bunlar nəçidir? Bunlar deyil məgər, mükəmməl bir insan tələsidir ki, o da mənim qardaşım Kərbəlayi Haşımı və bu hacıları aldatmaq üçündür. Hacı Qurban — (daxil olur) Salam əleyküm hacılar! Deyəsən ki, bir az yubanmışam, amma gərək bağışlayasınız. Əyyamda düşər şənbəyə novruz. Bu gün tələbələr yığılıb oğlanlarımın ikisinə də əmmamə qoydular. Akif — (kənarə) Bəli, islamın iki bəlası da artdı. Məclisdən — Ay allah mübarək eləsin! Allah elmlərini artırsın! Kərbəlayi Haşım — Hacı, sən mənim qardaşımın sözünə baxma! Allah xatirinə mənim işimə əncam verin, çıxım gedim allahın evinin ziyarətinə! Hacı Şükür — Xoşa sənin səadətinə. Kaş sənin saqqalında bir tük olaydım. Hacı Qurban — Ey kaş mənim də canım sulu olaydı, bu səfərdə sənə yoldaşlıq eləyəydim! Hacı Səməd — Kaş mən də bir milçək olub sənin başına qonaydım! Əsədulla (daxil olur) — Ay Hacı Səməd ağa, evimiz yıxıldı, adam gəlib ki, Kəblə İman ağanın uşağı keçinibdir. Hacı Səməd — (qalxır) Vay sənin belə həftad puştünə lə’nət belə bədnəzər! Akif — Eyb etməz! Molla əsədlərin duasının bərəkətindən bu dünyada da dirilməsə, axirətdə diriləcəkdir. Mirzə Rəhim — Bəli, bu yazıq uşağın da alnında belə yazılmışdır. (Kəblə Haşıma) Kəblə Haşım, vaxt keçir, vəsiyyətlərini elə. Akif — Bəli qardaş, vəsiyyətlərini elə! İndi görüm sənin, saqqallı körpənin alnında nələr yazılıbdır. Kərbəlayi Haşım — Qardaş, sən allah, əl çək görüm başıma nə gəlir. (axunda) Bax, qəza işidir, mənim başıma bir iş gələrsə, mənə ikirmi illik qüsl, təharət, oruc, namaz alasınız! Dörd nəfər piyada zəvvarın da yol xərcini verib ağa qulluğuna göndərəsiniz. Övrətimin kəbin və həştyekini verərsiniz. O ki, qaldı qızım, onu da bir halal süd əmmişə verərsiniz, malımı da tapşırarsınız əlinə. Mirzə Bağır — Qız barəsində ki, heç nigəran qalmayasan. Akif — Qardaş, yazıqsan, gəl öz evinin dağılmasına bais olma! İndi ki, gedirsən, gəl kəndi də tapşıraq rəiyyətlərə. Mən ki, öz haqqımdan keçirəm. Daha bəsdir bu biçarələrin qanlarını sormaq. Mirzə Rəhim — Mən bu xilafi-şər’ə imza qoya bilmərəm. Çünki bu kəndə hacı çuval dolusu əksinas sayıbdır. Hətta buna mən özüm siğə oxumuşam. Akif — Şəriətdən, siğədən dəm vurmayın, əmməməli quldurlar! İnsan bədəni yırtmaqdan dırnaqları qanlı vəhşilər, siz heç bilirsiniz ki, kimlərin hesabına yaşayırsınız?! (Gedir qapının qabağına eşiyə deyir) Hamınız durub gəlin içəri! Durun, tez! Bir dəstə cındır libaslı kəndli girir içəri. Akif — (məclisə) Siz insan qanları sorursunuz, onlar da necə insan! İnsanların ən fəqiri, ən məzlumu. Bu biçarə fəhlələrin və kəndlilərin qanını! Durun buradan, dinçi oğrular! Mirzə Rəhim — (qalxır) Durun buradan, xaric olaq, daha din əldən getdi. Gedirlər. Akif — (dallarınca) Yalançılar... Oğrular! pərdə düşür. * * * Üçüncü pərdə Vaqe olur Mirzə Rəhim müctəhidin məhkəməsində Mirzə Bağır — (daxil olur) Səlam əleykum! Mirzə Rəhim — Əleykəssalam. Əyləş görək! Nə var ki, balam, sözlü adama oxşayırsan? Təzə xəbər nə var? Mirzə Bağır — Kərbəlayi Haşımın Məkkədə ölməyindən təzə xəbər nə olsun ki? Mirzə Rəhim — Nə söyləyirsən, Mirzə Bağır, bu iş ola bilməz! Mirzə Bağır — Bəli, çox da pakizə ola bilər. Bu işi şəhərdə sizdən başqa hamı eşidibdir. Mirzə Rəhim — And olsun çağırdığın həzrətə bu xəbəri elə indicə səndən eşidirəm, amma gərək şahidlər də olsun. Mirzə Bağır — Allaha şükür şahidə nə gəlibdir? Məgər müsəlman şəhərində beş-on şahid tapmaq çətindirmi? Amma mən bilirəm ki, burası lap dibindən doğrudur. Lakin yazıq Kərbəlayi Haşımın evində heç kişi tayfası da yoxdur, sonra elə olmasın ki, şəriətə xəyanət olsun. Mirzə Rəhim — O barədə nigaran qalma, bilirəm ki, nə demək istəyirsən. Xəyalın Kərbəlayi Haşımın qızını almaqdır. Bu iş əsli olursa qız sənin malındır. Amma mənim də sənə bir işim düşəcəkdir. Mirzə Bağır — Bilirəm, mən sizin mənzurunuzu. Siz də mənə qaynata olmaq istəyirsiniz. Mənim bu gözüm üstə. Mirzə Rəhim — Əl aqilü yekfibil işarə. İndi ki, baş tapmısan, daha nə deyim. Həlimə — (daxil olur) Səlam əleykum. Müctəhid ağa, sizə bir ərzim vardır. Mirzə Rəhim — Əleykəssəlam, (Mirzə Bağıra) daha durma, get şahidlərə xəbər ver, hazır olsunlar. Mirzə Bağır — Orasında söz yoxdur. Amma elə eyləyin ki, şəriətə xəyanət olmasın. Çünki evlərində kişi tayfası yoxdur. Mirzə Rəhim — Daha, dayanma, mənzurunu bilirəm. Tez get, çünki bu zəifənin şər’i məsələsi vardır. Mirzə Bağır — (Gedir, qapı yanından dönür) Gərəz, mənim ərz eləməyim bundan ötrüdür ki, şəriətə xəyanət olmasın. O ki, qaldı mənim işimə, ona da siz vəkil olun. Mirzə Rəhim — Get daha şahidləri gətir (gedir). (Həliməyə) Ey zəifə, nə sualın vardır? Əyləşiniz! Həlimə — Allah-taala sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Mirzə Rəhim — Ey zəifə, şər’i sualın varsa bir az irəli əyləş. İbadətin çoxluğu, səcdələrin uzunluğu nə qulaqlarımda, nə də gözlərimdə qüvvət qoymamışdır. Həlimə — (irəli çəkilir) Ağa, allah bizim ömrümüzdən kəsib qoysun sizin ömrünüzün üstə. Mirzə Rəhim — Ey zəifə, bir az da yaxında əyləş. Çünki qulaqlarıma behiştin qızıl dağlarından axıb tökülən Kövsər sularının gurultuları gəlir. Cəhənnəmdə olan əjdaha nə’rələrini eşidirəm. Göydəki mələklərin təsbeh təhlil sədaləri gəlir, odur ki, dünya sədalərini çox da eşidə bilmirəm. Sözün varsa bir az da irəli gəl. Həlimə — (irəli gəlir) Ağa, doğrusu deyirlər ki, sahibim Kəblə Haşım Cəddədə vəbadan vəfat eyləyibdir? Mirzə Rəhim — Ey zəifə, sizə bunu kim xəbər verdi? İnna lillah və inna ileyhi raciun! Həlimə — Bu xəbəri mənə elə bir adam veribdir ki, atam da, anam da, övladım da ona qurban olsun. Bu gün tezdən bu xəbəri mənə Mirzə Bağır ağa gətirdi. Mirzə Rəhim — Ey zəifə, doğrudur. Göndərmişəm şahidlər gəlsinlər. Akif — (daxil olur) Nə kəsibsən məhkəmələr qapısını ey naqis övrət? Sənə yüz dəfə demişəm ki, bu yalançı müsəlmanların sözünə baxma? Kim Məkkədən gəlmişdir ki, sənin sahibinin ölüm xəbərini gətirsin? Sənin nə sözün varsa mənə söylə, buralarda nə işin var? Nə işin vardır bu haramilər yuvasında? Həlimə — Mənim allah canımı belə yerlərdə çıxarsın. Mirzə Rəhim — Akif, sən üləma qismini rüsva eləmə! İndi göndərmişəm şahidlər də gəlsin. Akif — Hər an şahidlər də sənin yumurtalarındır ki, öz məzhəb və imanlarını beş qəpiyə satmağı adət eyləyiblər. Zülfüqar — (Daxil olur, yanında övrəti Səlmə qoltuğunda boğçası) Ağa, bir məsəl vardır ki, şəriətdə şərm olmaz. Bu arvad mənim əyalımdır. Nə qədər çalışdım yola gedim yenə də başa gəlmədi. Axırda labüd qalmışam gətirmişəm talağını verim. Mirzə Rəhim — (Səlməyə baxır. Zülfüqara) Ey mö’min, xudavəndi-aləm bu barədə kişilərə böyük ixtiyar veribdir. Lakin gərəkdir bir səbəb də olsun. Zülfüqar — Ağa, bir övrət ki, sahibindən iznsiz qohum-qardaş evinə getdi, bir övrət ki, təzə paltarlarını geyib küçəyə çıxdı, daha bu tövr övrət mənim nəyimə gərəkdir? Mirzə Rəhim — Ey mö’min, indi sənə şəriət hökm verir ki, bunu boşayasan. Səlmə — Ağa, hərkah bu sözlərin hamısını bu yalan demiş olsa necə olsun? Məni buna verəndə bircə dəfə atalığım deyib ki, övrət tayfasının qıçı sınıq olar, genə yadımdan çıxmayıbdır. Bircə dəfə mənə yengələrim deyib ki, övrətin ata-anası olmaz, o vaxtdan nə qədər döyər, söyər cavab vermərəm. Neçə dəfə paltarlarımı alıb gözümün qabağında təzə arvadına geydirib. Genə demişəm ki, kişidir, əlacım nədir? Zülfüqar — Yalançıya allah lə’nət eləsin. Qızıl da olsan bundan sonra mənə lazım deyilsən. Sən ağa hüzurunda mənə dil qaytaranda bəs gör evdə nə qayırırsan? Səlmə — Nədən əvvəldən yalançı deyil idim, elə indi yalançı oldum? Niyə ki, mənim dayım qızı Züleyxanı almaq istəmirsənmi?.. Züleyxa deyir Səlməni boşa, onda mən də gələrəm, vəssəlam, mənim təqsirim budur! Mirzə Rəhim — Ey zəifə, kişinin ixtiyarı vardır ki, səni istəməsə boşar. Həzrət özü də buyurubdur ki, la ikrahə fiddin. Səlmə — Şəriət buyurandan sonra mən nə deyəcəyəm? Mən daha kişilərə necə inanım ki, dörd ildir zəhmət çəkib ev tikmişəm indi uşağımı da verib qoltuğuma yola salırsan? Çarəm nədir, sahibsiz adamam. Kəbinimi verin çıxıb gedim. Zülfüqar — Bir övrət ki, sahibinin sözünə baxmadı, dəxi kəbin nə üçün? Budur, bir boğça da paltar vermişəm, bəs olmayırmı? Səlmə — Bəs mən ata-anasız adam hara çıxıb gedim? Mirzə Rəhim — Ey mö’minə, sən də cavanəsən, bu kişi olmaz gedərsən başqa ərə. Səlmə — (Üzü göyə) İlahi, sən buna razı olursan ki, müsəlman övrəti fitə kimi gündə bir adamın belinə bağlansın? İlahi, sən razı olsan da, şəriətin hökm versə də, mənim həya və namusum bunu qəbul eləməz. Amma nə yapım? Zalım kişilərin istibdadı hələlik hökm sürür. Zülfüqar — Ağa, mən bunun həyasını tanıyıram, ver talağını çıxıb getsin. Mirzə Rəhim — Allahümmə səli əla Mühəmmədin və ali Mühəmməd. Zövcə və təma taligün təllətəhu, hiyə taligün təlləgəyü və hiyə taligün mər’ohyə, taligin riççiyyə. İndi gedə bilərsiniz. Səlmə — Eybi yoxdur, ağa, götürsün uşağını, mən də çıxıb bir tərəfə gedim. Evim ki, yoxdur, bu uşağı harada saxlayacağam? Zülfüqar — Mənim uşaqdan nə xəbərim vardır? Uşaq sənin əvvəlki ərindəndir. Səlmə — Ey insafsız və zalım kişi, mən dörd ildir ki, sənin evindəyəm, daha bu körpə uşaq haradan mənim əvvəlki ərimdən ola bilər? Zülfüqar — (Bir manat axunda verir). Axund, buyur bu da sizin həqqi-zəhmətiniz. İnşallah, genə işimiz düşəndə xidmət elərik. (gedir). Səlmə — Get, zalım kişi, bu uşağın ahu zarı sənə bəsdir... Eyb etməz, de ver kağızımı əlimə çıxım gedim. Mirzə Rəhim — Bu uşaq məsələsi işi əngələ saldı. Sabaha kimi səbr elə, bir də kitablara baxım, bəlkə bu işə bir əncam çəkəm. Səlmə — (ağlaya-ağlaya) Vallah heç bilmirəm bu ac-susuz uşağı hara aparım. (gedir) Gənbər ilə Nazlı daxil olur. Gənbər — Səlam əleykum! Axund, yenə sənə bir işim düşübdür. Mirzə Rəhim — Əleykəssəlam! Nə olub yenə? Olmaya bu qızı götürüb qaçmısan? Çünki mənə bir az tanış gəlirsən. Gənbər — Bəli axund, sizə keçən il payızda da bir belə işim düşmüşdü. Mirzə Rəhim — Bu qız kimlərdəndir yenə? Gənbər — Bu qız Baş kəndli Hacı Rəşidin qızıdır. Çoxdan bəri istəyirdim, deyirdilər arvadı vardır vermərik. Haman qızı da ki, keçən il götürüb qaçmışdım, çox tayfalı olduğuna görə boşuya bilmirdim. Allah tərəfi bu il kənddə el davası düşəndə səkkiz arvada güllə deyib öldü ki, biri də bizim arvad idi. Mirzə Rəhim — Pah, yazıq övrətlər. Nə zaman olubdur. Akif — Bəli, elə də olmalı idi, çünki sizin kəbinlərin ondan da artıq tə’siri ola bilməz. Gənbər — Axund, hələ o övrətin ölməyi cəhənnəmə, sonra baxdım gördüm ki, bu da əlimdən çıxır. Bu əhvalatı eşidib qızı tez əmisi oğluna adaxlandırıblar. Mən də labüddən bir ay bundan əvvəl götürüb qaçdım. Akif — (Həliməyə) Həlimə xanım, dur buradan çıx! Bura insan yeri deyil. İnsaf, vicdan sahibi burada oturmaz. Həlimə — Yox! Nə qədər ki, şahidlər gəlməyib, işi dürüst yəqin eləməmişəm, heç yerə gedəsi deyiləm! Sənin mənilən işin olmasın. Akif — Qal burada. Çünki sizin kimi nadanların bəlası da buradandır. (gedir). Mirzə Rəhim — (Həliməyə) Ey zəifə, sən baxma bunun sözünə. Bunun nə dini var, nə də məhkəməyə, mollaya inanır. (Nazlıya) Sən nə deyirsən, qızım, sən də bu oğlanı sevirsənmi? Nazlı — Sevdim, sevmədim, bir aydır ki, məni aparıb saxlayır. Mən ki, bundan sonra qohum-qardaşın içinə gedə bilmərəm, çarəm nədir? Mirzə Rəhim — Bəli, görünür ki, qızın da rizası vardır. Lakin gərək qızdan yenə də bir neçə nəfər övrətlərin yanında rizalıq almaq. (Gənbərə) Bu qızı göndər bizim evə sənin özün də qonaqsan, tainki saat xoşlayıb nikahi-şər’ini cari edək. Mirzə Bağır, yanında şahidlər daxil olurlar Mirzə Bağır — Cənab ağa, bu da sənin şahidlərin. Özləri də mö’min və inanılmış adamlardır. Gözlərini də açıb özlərini məsciddə görüblər. Mirzə Rəhim — Əyləşin, ey allahın mö’min və istəkli bəndələri. Sizə xudavəndi-aləmin behiştilə müjdə verirəm. Otağın dalısından Hacı Saleh ilə Nəsrullanın səsi gəlir. Hacı Saleh — (daldan) Şəriətdən çıxanın başına yüz yumruq vuraram. Sənin həddin nədir ki, müctəhid məhkəməsindən qaçasan? (Nəsrullanın yaxasından tutub daxil olurlar). Nəsrulla — Mənim məhkəmədə nə işim vardır? Mənə verdiyin manat yarımdır. Çox ola üç manat alarsan. Hacı Saleh — Olmaz, həyasız oğlu həyasız! Şəriətdən qaçanın atasına od vuraram. Çox danışıq lazım deyil! İndi mən isbat eləyərəm ki, mənə neçə borcun vardır. Mirzə Rəhim — Yenə nə vaqe olubdur, ey allahın bəndələri? Qorxun allahın qəzəbindən. Hacı Saleh — Ağa, düz bir ildir ki, bu mənə ikirmi dörd manat pul verəcək. İndi mən atlı olmuşam bu piyada, ala bilmirəm ki, ala bilmirəm! İndi də bidin oğlu bidin müctəhid hüzuruna gəlməkdən də boyun qaçırır. (məclisə) Vallah gərək bunun kimi kafirlərin ölüsünü də basdırmayasan, qalıb yerlərdə qoxusun. Mirzə Rəhim — (Nəsrullaya) Balam, nə üçün incidirsiniz bu allahın mö’minlərini? De görüm bu hacıya nə qədər borcun vardır? Nəsrulla — Ağa, yalan desəm bunun getdiyi Məkkə mənə qənim olsun. Yalan desəm o başındakı əmmamə mənə qəzəb eləsin, əgər mən bundan manat yarımdan artıq pul almışam. Mirzə Rəhim — Nəsrulla, füzulluq eləmə, hacı yalan söyləməz. Hacı Saleh — Balam, əgər mən sənə pul tənzilə vermişəm, burada oturanlar üzümə tüpürüb desinlər ki, hacı saqqalın həcər əsvədə sürtüb, Zəmzəm suyundan dəstəmaz alıb, Mina dağında namaz qılıb qurban kəsəndən sonra gəlib pul müamiləsi alır. Mənim də işim ticarətdir ki, o da halaldır. Mirzə Rəhim — Nəsrulla, düzünü söylə görüm bu necə əhvalatdır? Nəsrulla — Ağa, bir iş ki, allahdan gizli deyil, allahın peyğəmbərinin məsnədində oturandan niyə gizlədim? Düzü budur ki, mənim külfətim qışda ac qalmışdı. Getdim hacıdan bir put buğda manat yarıma aldım ki, baharda gedim bağında yeddi gün işləyim. Qəzadən də baharda naxoşlayıb gedə bilmədim. Hacı Saleh — Budur ha, atan oldu rəhmətdə. Elə mən də bunu istəyirdim ki, deyəsən. De görüm baharda fəhlə neçəyə işləyirdi? Hərkah bu şəriətə e’tiqadın var düzün söylə! Nəsrulla — Mən namaz qıla-qıla yalan danışa bilmərəm. Fəhlə işləyirdi gündə bircə manata. Hacı Saleh — Xub, balam, baharda ki, sən işləməyə gəlmədin, mən də günü bir manatdan fəhlə tutub sənin yerində işlətdim. Buna nə deyirsən? Mirzə Rəhim — Nəsrulla, sən öz iqrarınla hacıya şər’ən yeddi manat borclusan. Hacı Saleh — Belə ha! Atan oldu rəhmətdə. Sən buna bax, bu üzü qara olmuşa dedim ki, balam, sən gəl ya mənim yeddi manatımı ver, yainki necə ki, bu günün məzənnəsi, xirmən vaxtı yeddicə put buğdamı ver. Belədi, belə deyil? Nəsrulla — Bəli, belədi ki, buyurursan. Üləma hüzurunda dana ki, bilmərəm. Mirzə Rəhim — Xeyli xub, bəs nə üçün yeddi pud buğdamı vermədin? Nəsrulla — Haradan verəydim? Bütün mahalın əkinlərini çəyirtkə yeyib qurtarmışdı. Hacı Saleh — (qəzəbli) Həyasız oğlu həyasız. Mənim ki, çəyirtkə ilən bir qohumluğum zadım yoxdur. Onların zərərin də istəyirsən məndən çıxasan? Mirzə Rəhim — İndi məlum oldu ki, cəmi təqsirlər Nəsrulladadır. (Nəsrullaya) Balam, indi sənin fikrin nədir? Nəsrulla — Nə fikrim olacaqdır? Xirmən vaxtı buğdanın putu olmuşdu iki manata. Hacı başladı ki, gərək on dörd manat verəsən, məndə də ki, yox idi. Hacı Saleh — İndi siz mənim adamlığıma baxın ki, görün nə yaxşılıq eləmişəm. Gördüm ki, pulu da yoxdur, buğdası da yoxdur. Dedim gəl barama vaxtı bircə put barama ver. Onda da ki, tacirlər baramaya on dörd manat pul verirdilər. Balam belədi ya yox? Nəsrulla — Bəli, belədi ki, buyurursan. Hacı Saleh — Müsəlman qardaş, bəs mənim baramamı nə deyib vermədin? Nəsrulla — Bu təqsir ki, məndə deyil, o zaman kənd ağası gəlib torpaq kirayəsindən ötrü barama damlarının möhürlədi, onda sən də qoluqçaqlıq eyləyib gəlib haqqını aparaydın. Necə ki, bir çoxları apardı. Hacı Saleh — (axunda) İndi görün ki, mən buna nə yaxşılıq eləmişəm? Dedim allahın bəndəsi, indi ki, baraman olmadı, gün məzənnəsilə pulumu ver. Pulumu da vermirsən, genə sözüm yoxdur. Putu gedir 24 manata, gəl elə o pula pambıq vaxtı bircə put mahlıç ver. Mirzə Rəhim — Nəsrulla, daha belə adamlıq olmaz, buna sözün nədir? Nəsrulla — Axund, mən nə çarə qılaydım? Var yox bir put dörd kirvənkə mahlıçım olmuşdu ki, ona da ikirmi adam barmağın basmışdı. Dəllək bir il başımı qırxıb pul almayıb, Molla Məhərrəm oğluma qur’anı çıxartdırıb pambıq vaxtını gözləyir. Mir Sadıq ildə bizdən bir nəzir alar, o da öz yerində. Mərsiyəxan oruclugda, məhərrəmlikdə mərsiyə oxuyub pul alacaqdır. Divan pulları da qalır. Ayıb olmasın, hamamçı usta İbadulla ki, bir həyasızın birisidir. Müxtəsər dərviş, dilənçi, falçı, oyunçu hamısı gözün tikib o bircə pud mahlıça. Mirzə Rəhim — Hacı, doğru deyirsən, bu həyasızdır, sən genə də pulun üstünə bir zad gəl, özünə də bir az ver, qoy qalsın gələn xirmən vaxtına. Hacı Saleh — Sözüm nədir? Qırx manata hüccət versin, özünə də dörd manat verərəm, bu şərtilə ki, bağçasını bey-şərt qoysun. Nəsrulla — Sözüm nədir ki? Şəriət necə hökm edərsə, axund elə eləsin. Mirzə Rəhim — (Mirzə Bağıra) Mirzə Bağır, sən bir bey-şərtnamə yazarsan, sabah bu Nəsrullaya qol çəkdirib verərsən hacıya... Daha buyura bilərsiniz. Gedirlər. (Mirzə Bağıra) İndi gətir şahidləri görüm kimdir. Pinəçi Kərim — (gəlir irəli) Müctəhid ağa, mənim adım pinəçi Kərimdir. Özüm də indi neçə ildir ki, məscid ağzında başmaq yamaram, özüm də rəhmətlik Kərbəlayi Haşımın Məkkədə ölməyini təfsilən bilirəm. Mirzə Bağır — Gördün ki, ağa, bu məsələ yalan deyil? Həlimə — (ağlayır) Qürbətdə can verən canına Həliməyin dul qalan canı qurban olsun, ay Kərbəlayi Haşım! Mirzə Rəhim — Görəsən rəhmətlik gedənbaş ölüb, ya gələnbaş? Pinəçi Kərim — Xeyr ağa, qayıdanbaş ölübdür! Mirzə Rəhim — Demək ki, rəhmətlik çardəh mə’sumu tamam eləyibdir. Mirzə Bağır — Xeyr, qəribəsi budur ki, çox asanca da can verib dir. Şam namazının qunutunu tutanda vəba tutub, xiftən namazında keçinibdir. Elə bircə bunu deyib ki, mənim salamımı Mirzə Rəhim ağaya yetirin, ərz eləyin ki, hamıdan əvvəl mənim evimə bir kişi tayfası tapsın. (usta Kərimə) Bəli, indi siz buyura bilərsiniz! Həlimə ağlayır. Pinəçi Kərim — Şahsənəm oğlu Sarı Babanın bibisi oğlunun qardaşı gəlinin xalası oğlu pişik Məhəmmədvəli gəlmişdi yanıma başmaqların tikdirməyə. Yanın qoymuşdu kötüyün üstünə, söhbət eləyirdi. Bu söhbətləri mənə o nağıl elədi. Mirzə Bağır — (məclisə) Daha bu qədər şahidin qabağında kimin nə sözü ola bilər? Kişi lap nənəsinin, xalasının, bibisinin adı ilə nağıl eləyir. (pinəçi Kərimə) Bəli, söhbətinizi buyurunuz! Pinəçi Kərim — Söhbət hacılara yetişəndə, ağa, Məhəmmədvəli buyurdu ki, bəli bu mətləb doğrudur. Mirzə Rəhim — Balam, mətləb lap vazeh imiş ki! Həlimə — Yaxşı qapım bağlı qaldı. Mirzə Bağır — Hələ Usta Kərim nə deyib ki, sözün dalısına qulaq veriniz. (pinəçiyə) Bəli sözünüzü buyurun! Pinəçi Kərim — Guya dünən gecə tabağçı Qurbanın qardaşı arvadının ökey bacısını köçürmüşlər. Orada deyiblər ki, Tubu Cə’fərin oğlu qəlyanquş Lütfullaya İstambuldan bir kağız gəlib. Kərbəlayi Haşımın ölməyi orada təfsilən yazılıbdır. Mirzə Rəhim — Xeyr! İşin hüsnü burasındadır ki, şahidlərin də hamısı mö’təbər adamlardır. Mirzə Bağır — Axund, başına and olsun ki, hələ mö’təbərləri daldadır, hələ sözlərinin hamısını deməyibdir. Pinəçi Kərim — Dünya tufana getsə mən imanımı yandırmaram. Kağızda aşikar yazılıbdır ki, «Cəddədə bir nəfər hacı vəbadan vəfat eləyibdir.» Mirzə Rəhim — Xeyli xub, vəfat eləyib öz yerində. Bəs nə məlum olubdur ki, ölən doğrudan da Kərbəlayi Haşımdır? Pinəçi Kərim — O nişanələri ki, deyirlər yəqin olur ki, onun özüdür. Deyirlər ki, alçaq boyu, arıq bədəni var. Boğazının altı və ovurdları qırxılmış ikən barmaq enində saqqalı, qulaqlarının dalısında kiçikcə xətbaşısı, uzun və uçuəyri burnu... Həlimə — (ağlayır) Elə rəhmətliyin özüdür ki, vardır. Bala üzünə həsrət qalan canına qurban olum! (ağlayır). Pinəçi Kərim — ...Gözlərinin yanları qırmızı, kirpikləri yox, əynində boz mahutdan çuxası, qolunda sarı yamaq. Bu nişanələr də ki, tamamilə Kərbəlayi Haşımda vardır. Mirzə Bağır — Buna daha kimin sözü ola bilər? Amma burası var ki, yazığın evində heç kişi tayfası yoxdur. Mirzə Rəhim — İnna lillah və inna ileyhi raciun. Daha kim var şahidlərdən? Mirzə Bağır — Hələ şahidlərin böyüyü daldadır. Budur, Mələk xanım dəllal, Minabəyim xanım çorabçı, Nurəli xırdavatçı. Hamısı gəlir irəli. Mirzə Rəhim — Xeyr a, daha bu mö’minlərə zəhmət vermək lazım deyil. Usta Kərim ikirmiyə qədər şahid nişan verdi bəsdir. İndi daha məsələ aydınlaşdı. Gərək bu saat gedib yazığın hesab-kitabın, sandıqların möhürləmək, yoxsa şəriət əldən gedər. Molla Kazım tələsik içəri girir. Molla Kazım — Müjdə olsun sizə mö’minlər! Nə qafil oturubsunuz? Ey allahın bəndələri, məgər təzə xəbərləri eşitməyibsiniz? Mirzə Rəhim — Məgər nə vaqe’ olubdur, axund Molla Kazım? Molla Kazım — Nə olacaqdır? İnkilislər Kərbəla yolunu açıb, indi hamı gedə bilər. Məclisdən — Allah inkilislərə ömür versin. Qalxırlar. Pərdə düşür. * * * Dördüncü pərdə Vaqe’ olur Kərbəlayi Haşımın evində. Ev bir dövlətli mülkədar evini təsvir edir. Münəvvər bir tərəfdə oturub ağlayır. Anası Həlimə evi düzəldir. Akif — (daxil olur, Həliməyə) Həlimə xanım, sən bu deyilən sözlərə qulaq vermə! Mən bilirəm ki, Kərbəlayi Haşım ölməyibdir. Heç kəs nə Məkkədən gəlib, nə də kağız vardır. Bu deyilən sözlərə baxıb evi dağıtma. Həlimə — Sən məni genə aldadırsan. Budur deyirlər ki, paltarlarını da gətiriblər. Mən hər cür olsa gərək işimi yerbəyer eləyəm. Budur, kişinin yası da tutulub qurtarıb, bu hələ deyir ki, ölməyibdir. Akif — Sən nağissən! Mən bilirəm ki, sən bu ailənin bədbəxtliyinə bais olacaqsan. Axırıncı sözümdür ki, sənə deyirəm, Kərbəlayi Haşım ölməyibdir. Həlimə — Get bu nəsihətləri öz övrətinə eylə! Mənə lazım deyil! Akif — Mənim sözümü sonra anlayacaqsan! (gedir). Əsədulla — (daxil olur) Xanım, axundlar buyurur ki, get biz də bu saat gəlirik. Həlimə — (Münəvvərə) Bax, qızım, sənə deyirəm, daha ağlamaqdan, zaddan keçibdir. Axundlar nə desələr daha dil qaytarmayasan. Mirzə Bağır da bir mö’min kişidir. Mənim yüz qızım olsun, yüzü də Mirzə Bağırın çağırdığına qurban olsun. Münəvvər — İstər Mirzə Bağır allah da olsa mən ona ərə getməyəcəyəm. Əvvəla budur ki, mənim atamın ölüm xəbəri hələ iki ay deyil ki, gəlibdir... Mən Akif əmimin sözünə də inanıram ki, atam ölməyibdir. Həlimə — Səfeh-səfeh danışma, vallah dilini kəsərəm! Sənin də ağlın əminin ağlına bərabərdir. Səni evdə saxlayıb saçını ki, ağartmayacağam? Münəvvər — Ana, sənin heç insafın yoxdur ki, məni bu uşaq vaxtımda əlli beş yaşında mərsiyəxana verirsən? Həlimə — Kəs səsini! Nasəza danışma, əmin kimi! Bir də mənim axirətimdə məni cəhənnəm odundan xilas eləsə ancaq onlar eləyəcəkdir. Münəvvər — Cəhənnəm odunda yanmaq dünyada bu odlarda yanmaqdan yaxşıdır. Nə fərqi vardır. Mirzə Bağıra getməyin özü də bir cəhənnəmdir. Vallah, özümü öldürərəm, getmərəm. (eşiyə çıxır). Əsədulla — (daxil olur) Xanım, başınızı örtün, axundlar təşrif gətiriblər. Həlimə çadırşəbi çəkir başına. Mirzə Rəhim — (Mirzə Bağır ilə daxil olur) Mirzə Bağır, mənim də zəhləm o evdən gedir ki, orada kişi tayfası olmasın. Mirzə Bağır — Cənab ağa! Kişi tayfasının olması da sizin iltifatınızdan asılıdır. Hələlik gərək bu zəifənin xatirəsinə xudavəndi-aləm dərgahına istiğfar edib əyləşəsiniz, çünki burada sizin hər bir nəfəs çəkməyinizin özü də qiyamətin günü ev sahibinin günahlarını əfv etdirəcəkdir. (Tutub qolundan əyləşdirir). Həlimə — Allah sizin kimi alimlərin kölgəsini bizim başımızdan əskik eləməsin. Mən sizi özümə ata hesab edirəm. Mirzə Rəhim — Əstəğfürulla elə ey zəifə! Məbada bir də belə kalamə mütəkəllim olasan. Çünki sənin sahibin olmadığına görə mənə naməhrəmsən. Mirzə Bağır — Hərkah sizin kimi kərəm dəryası olan ağaların ehsanı olursa bu zəifə sahibsiz də qalmaz. Mirzə Rəhim — Mirzə Bağır, bütün işlərin düzəlməsi bu zəifənin özündən asılıdır. Həlimə — Ağa, məni siz öz qızınız hesab ediniz, çünki mənim sizdən başqa bir adamım yoxdur. Mirzə Rəhim — Mirzə Bağır, dur buradan məni xaric elə. Mən on səkkiz ildir ki, Nəcəfdən gəlmişəm, qulağıma naməhrəm səsi gəlməyibdir. Bu gün mənim ikirmi illik ibadətim zaye oldu. (qalxmaq istəyir). Mirzə Bağır — Əyləşiniz, cənab ağa! Bu zəifə elmsiz və dünya görməmiş bir övrətdir! Siz gərək bunlara xudavəndi-aləmin şəriətini yetirəsiniz. (Həliməyə) Xanım, siz də gərək hüşunuzu ağanın fərmayişlərinə verib anlayasınız ki, ağa nə fərmayiş buyurur və buyurmaq istəyir. Həlimə — Mən elmsiz övrət bunları haradan baş tapım? Mirzə Bağır — Doğru buyurursan xanım! Müctəhid cənablarının hər sözünün qur’an ayəsi kimi qırx mə’nası vardır. Hərkah siz bir allah bəndəsini oğulluğa qəbul eləmiş olsaydınız bu söhbətlərin heç birisi olmazdı və işləriniz də düzələrdi. Həlimə — Cəmi malım da, canım da qurban olsun ağanın ayağının torpağına. Mənim nə həddim vardır ki, onun sözündən çıxım? Mirzə Rəhim — Mirzə Bağır, artıq burada oturmağa taqətim yoxdur. Budur qiyamətin günü gəlib durub gözümün qabağında. Budur şəriət sahibi gözümün qabağında duruyub deyir: Mirzə Rəhim, sən hara, naməhrəm övrətlərin məclisi hara? Mirzə Bağır — Cənab ağa. Gərək bu xanımın xatirinə də olsa əyləşəsiniz. Mirzə Rəhim — Mirzə Bağır, sən bais olma ki, şəriət sahibi məndən rəncidə olsun. Budur şəriət sahibi mənə xitab edir ki: Mirzə Rəhim, hanı sənin Nəcəfdə 20 il gündüzləri oruc, gecələri əhya saxladığın zamanlar? Mirzə Bağır, budur cəhənnəm qapısında duran əzab məlaikəsi görünür. Əlində olan odlu kürzün işığı gözümə düşür. Mirzə Bağır — (sərasimə) Allahümmə səlli əla Mühəmməd və ali-Mühəmməd mö’cüz oldu! Sənə şək gətirənin zatına lə’nət. (Qalxıb əlindən, ətəyindən öpür). Mirzə Rəhim — Budur behiştin qapısında duran məlaikələr. Əllərində gül dəstələri tutub deyirlər: qırx ildir biz hurilər sənin intizarını çəkirik. Məbada sən dünyaya aldanıb bizi öz ziyarətindən məhrum eləyəsən! Dur buradan xaric olaq. Həlimə — Anam-atam sənə fəda olsun, bəs siz də mənə rəhm etmiyəsiniz, kimlər edəcək? Mirzə Bağır — Cənab ağa, tamam yerin, göyün ixtiyarı sizin əlinizdədir. Rəva deyil ki, bu biçarəni şəfaətinizdən məhrum eləyəsiniz. İndi ki, təşrif gətirmisiniz, bunun işlərini yerbəyer buyurunuz. Özü də dul övrətdir. Xüsusən bir qızı da vardır. Evində də ki, kişi tayfası yoxdur. Zəhmət çəkib evlərin möhrünü götürəsiniz. Mirzə Rəhim — Düz deyirsən, Mirzə Bağır! Lakin kilidlər yanımda deyil gərək gedib gətirsinlər. İbadət etdiyim, sovməəmdə oturduğum köhnə qoyun dərisinin altındadır. Mirzə Bağır — Cənab ağa, mən kilidləri bu saat gətirrəm və siz də mənim tərəfimdən vəkilsiniz. Mirzə Rəhim — Mirzə Bağır, ləxeyrə fittə’çil! Mirzə Bağır — (getdikdə) Əlağilünə la yestəxirünə filumurul xeyr. (gedir). Mirzə Rəhim — Ey zəifə, bil və agah ol! Zamani ki, qiyamətin günü bərpa olar, hökm-rəbbülərbab yetişər. Oddan bir dar ağacı asıb oradan bə’zi üləmaları dara çəkərlər. Xitab yetişər; ey mənim bəndələrim, bunlar haman alimlərdir ki, camaatdan kənar yaşayıblar. Bir az yaxında əyləş! Razı olmayasan ki, qiyamətin günü xudavəndi-aləm məni də o dar ağacından başı üstə assın. Həlimə — Baş üstündə! Müctəhid ağa izin verəndən sonra bizim nə həddimiz vardır ki, sözdən çıxaq (əyləşir irəli). Mirzə Rəhim — İrəli! İrəli! Ey zəifə, bir az da irəli! (Həlimə bir az da irəli gəlir) Xeyr, olmadı! Olmadı! Yaxına! Yaxına! «Cameüləxbar» kitabında həzrət özü buyurur ki, İnnə təgərrubu və kanə kildul-muhübb vəlməvəddə! İrəli əyləş mö’minə! Həlimə — Ağa, allah bizi qiyamətin günü sizin şəfaətinizdən binəsib eləməsin! (İrəli əyləşir). Mirzə Rəhim — İrəli əyləş, mö’minə! Kitabülənvar sahibi buyurur ki, hər övrət ki, bir qədəm üləmaya yaxın qoysa min qədəm behiştə yaxın qoyacaq. Hər övrət ki, iki qədəm üləmaya yaxın qoysa gözlərin yuman kimi bila sorğu və sual özünü behiştin içində görəcəkdir. Yaxına əyləş, zəifə, ta ki, sən də əhli-behiştdən sayılasan. Həlimə — (ağlayır) Daha sizdən də başqa biz kimlərə ümid bağlayaq? (irəli əyləşir). Mirzə Rəhim — Təzkürətülüləmadə həzrət buyurur ki, hər o günahkar övrətin ki, bədəninə üləmanın nəfəsi toxunsa cəhənnəm odu onu yandırmaqdan həya eylər. Yenə də mur’atunnisa sahibi buyurur ki, hər övrətin bədəni ki, üləmanın bədəninə sürtüşür qiyamətin günü behiştin hurilər yığışıb haman övrəti ziyarət edərlər. Elə ki, haman övrət behiştə daxil olar tamam behişt əhli onun bədəninin ətrindən valeh, heyran olarlar. İndi bu övrətlərdən olmaq istəyirsən irəli gəl mö’minə! Həlimə — (ağlayır) Ağa, sənə and verirəm bu başındakı əmmaməyə, məni cəhənnəm odundan xilas elə. (irəli gəlir). Mirzə Rəhim — Ey mö’minə, sənə müjdə olsun ki, behiştin hurilərinin xanımı olacaqsan. Amma yenə cəhənnəm odundan qorx. Budur, mənim cəhənnəmin qorxusundan ürəyim nanə yarpağı kimi titrəyir. İnanmayırsınız əlinizi sinəmə qoyun. (Həliməyin əlini çəkib basır öz sinəsinə) Yəqin ki, sizin də ürəyiniz döyünür. (Əlini istəyir qoysun Həliməyin sinəsinin üstünə, Həlimə çəkilir). Gərək siz tezlikdə bir məhrəm ixtiyar edəsiniz. Vallah cəhənnəmdən sizə xilas olmağa söz verə bilmirəm. Həlimə — Ay ağa, mən necə məhrəm ixtiyar edə bilərəm ki, hələ Kərbəlayi Haşımın ölüm xəbərindən iki ay da keçmədi. Mirzə Rəhim — Sənə iddə gözləmək lazım deyil, çünki sahibin yeddi aydır gedib. Həlimə — Bəs elə isə indi necə olacaq ki? Mirzə Rəhim — Necə olacaq? Sən məni vəkil edərsən, mən də siğeyi-şəriyyəni cari eləyərəm. Həlimə — Doğrusu bilsəydim ki, o allah bəndəsi kimdir daha da yaxşı olardı. Mirzə Rəhim — Daha soruşmaq nə lazım, ey mö’minə! Ancaq burasını bilməlisən ki, qiyamətin günü hurilər səni ziyarət eləyəcəkdir. Əcəba sən bunu istəmirsənmi? Həlimə — Müctəhid ağa, məni kənizliyə qəbul edəndən sonra mənim nə sözüm ola bilər? Mirzə Rəhim — (gülür) Xoşbəxt xanım! (əlini atır çənəsinə) Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd. Ənkəhtül-mər’iyyətül mə’lumati və zəvəctü mər’iyyətil mə’lumati li. Allah mübarək eləsin! Mirzə Bağır tələsik daxil olur. Mirzə Bağır — Allah sizə ömür versin, görünür bəndənin kari-xeyrini tamam eləyibsiniz! Mirzə Rəhim — Xeyr Mirzə Bağır! Soruşdum qız hələlik səğirdir, gərək həddi-buluğa yetişsin. Ancaq bu mö’minə özünə məhrəm ixtiyar elədi. Mirzə Bağır — Nədən qıza kəbin düşmür, əri səlamət və hal-həyatda olan övrətə kəbin düşür? Mirzə Rəhim — Bu nə füzulluqdur, Mirzə Bağır! Məgər Kərbəlayi Haşımın ölüm xəbərini üç nəfər adil şahidlər sənin öz yanında iqrar etmədimi? Mirzə Bağır — Bəli, siğəni tez dalı oxu! İndi bu saat adam gəldi ki, Kərbəlayi Haşım gəlir. Həlimə — (qalxır ayağa) Belə dilinə qurban olum! Hərkah bu doğru olsa Münəvvər səğir də olsa sənin malındır. Mirzə Bağır — Yalan desəm bu əmmamə mənə xəsm olsun ki, özü də gəlir. Tez ol, qurban-zad varsa göndər qabağa! Həlimə — (Mirzə Rəhimə) Bəs ağa, indi bu iş necə olsun? Bəlkə ərim gəldi? Mirzə Rəhim — Əlhəmdülillah, məmləkət müsəlman məmləkətidir. Biz üç nəfər şahidə e’tibar edib bu xeyir işə əncam verdik, xüsusən Kərbəlayi Haşım özü də şəriət əhlidir. Bildi ki, üç nəfər şahid keçib şəriətdən çıxa bilməz. Əsədulla — (daxil olur) Ağa, sizin övrətiniz Nisabəyim xanım sizi soruşur. Mirzə Rəhim — (Tələsik) Get xəbər ver ki, burada heç kəs yoxdur. Mirzə Bağır — Xeyr! Xeyr! Şəriət əhli yalan danışmaz! (qapıya sarı gedir) Buyurun, buyurun ağanın təşrifi buradadır. Həlimə — (tərəfə) Boy, yaxşı abrım getdi. Nisabəyim — (daxil olur) Kişi, yenə niyə gəlib bu ərli övrətin evinə soxulmusan? Mirzə Bağır — Eybi nədir, ərli olanda nə olar? Cənab müctəhid üç nəfər şahid ilən Həlimə xanıma ikinci ər olur. Allah mübarək eləsin. Nisabəyim — Sənin ki, peşən lotuluqdur, daha bu əlli arşın tənzifi niyə başında avara eləmisən? Başıma dəysin sən apardığın şəriət. Mirzə Rəhim — Övrət, çox danışma, gəlmişəm bu övrətin evinin möhrünü götürməyə. Mirzə Bağır — Bəli, nə üçün, elə kəbin kəsmək üçün də bu gün saat xoş idi. Təəssüf olsun ki, zifaf müyəssər olmadı, çünki indi bir saatdır ki, qalıb sahibi gəlsin. Nisabəyim — (hirsli) Bu saat ver mənim talağımı, həyasız köpək! Mirzə Rəhim — Qızıl da olsan saxlamaram. Al bu da sənin talağın: zəvətçi taligəhü təlləgəh, hiyə taligəhü təlləgəhü və hiyə taligəhü mərrəh, təlaqən riç’ijjə! Əsədulla — (tələsik daxil olur) Aman günüdür, kömək eləyin. Birisi əlində xəncər gəlib axundu soruşur. Az qaldı ki, məni də öldürsün. Mirzə Bağır — Füzulun birisi, üləma hüzurunda yalan danışmaq olurmu? Get söylə kimdir içəri gəlsin. Mirzə Rəhim — Mirzə Bağır, xof elə qiyamətin günündən, fitnəyə bais olma! Mirzə Bağır — Qorxma axund! Sənin qiyamətin bu gündən başlayır. Gənbər — (daxil olur) Hanı o imansız, dinsiz molla? Onu gərək qurban payı kimi doğrayam. Mirzə Rəhim qaçmaq istəyir. Nisabəyim — (tutur) Qaçma həyasız köpək! Kişinin arvadını bir aydır ki, gətirib bəhanə ilə saxlamısan. Gənbər — A kişilər, bir bunun həyasına baxın! Qızıl güllələrin altından arvad qaçırmışam, bir ay da saxlamışam, indi istəyir ki, kələk qurub alsın özünə. Vallah bu həyasızı öldürəcəyəm. (irəli gedir). Mirzə Bağır — Hələ öldürmək olmaz! Çünki haq-hesabın böyüyü daldadır. Gənbər — Belə də bişərm adam olar? İki aydır övrəti salıb qıfıl altına. Hansı gün gedirəm deyir ki, saat xoş deyil. Mirzə Bağır — Ağa düz buyurubdur. İndiyə qədər saat xoş deyil idi. Amma indi xoşdur. Ağa on dəqiqənin içində bunu alıb, bunu da boşayıbdır. (övrətləri göstərir) Amma heyf olsun ki, aralıqda əli boş qalan ağa oldu, çünki bunun əri gəlir. Zülfüqar — (daxil olur) Belə sənə müctəhid deyən kişinin imanına lə’nət! Ay həyasız oğlu, həyasız, mənim övrətimi niyə almısan? (məclisə) Kişilər, and olsun sizin başınıza, qırx lotularda da belə həyasızlıq olmaz! Övrətimin burnunu yerə sürtməkdən ötrü apardım bunun yanında talağın verdim ki, bir az ağıla gəlsin, elə mən ki, eşiyə çıxmışam siğəsini özünə oxuyubdur. Nəsrulla — (Ağlaya-ağlaya) Belə mənim balalarımı ağlar qoyanı ağlar qalsın! Şəriətin sənə xəsm olsun! Ey biiman. Mən sənə nə yamanlıq eləmişdim. Nə hiyləyi-şər’ elədin ki, mənim var-yox bir bağçamı verdin Hacı Saleha? İndi deyir ki, bağça çıxıb bey-şərtinə. Əsədulla — (sevinə-sevinə) Ay xanım, müjdəmi ver! Kərbəlayi Haşım ağam gəldi. (Məclisdə həyəcan başlayır). Kərbəlayi Haşım, hammal dalında əşya daxil olur. Kərbəlayi Haşım — Salam əleykum, ağalar! Çox zəhmət çəkmisiniz ki, gecənin bu vaxtı mənim görüşümə gəlmisiniz. (bir-bir görüşür. İstəyir övrəti ilə də görüşə). Mirzə Rəhim — Kərbəlayi Haşım, əl saxla! Bu övrət indi sizə naməhrəmdir. Kərbəlayi Haşım — Müctəhid ağa, bu nə fərmayişdir? Bu əhvalatdan mən xəbərdar deyiləm. Mirzə Rəhim — Bəli, Kərbəlayi Haşım! Şəriətdən çıxmaq olmaz. Sənin Cəddədə vəfat etməyini üç nəfər adil şahid xəbər verəndən sonra bu zəifə özünə ər ixtiyar eləyibdir. Nə edəsən, şəriət də buna yol verir. Bu da şahidlərin adları və möhürləri. Kərbəlayi Haşım — (məclisə) A başınıza dönüm, bu nə kələkdir mənim başıma gəldi? Mən Məkkəyə getdim ki, allahın borcunu verim. Bəs indi mənim arvadım necə olsun? (Heyrətlə evi o tərəfə, bu tərəfə gəzir). Akif övrəti Şərifə xanım ilə daxil olurlar Akif — Qardaş, sənə nə olub, sənin ölümün... İndi bəs bu axundun sözü nədir? Kərbəlayi Haşım — Sözü nə olacaqdır? Halal hazırca arvadımı alıb oturubdur, özüm də ağzımı aça bilmirəm. Çünki mənim ölməyimə üç nəfər müsəlman şahid keçibdir. Akif — Bəli, elə o şahidlərinizdə sizdəndir. Sənə yüz dəf’ə dedim ki, bu əmmaməli lotuya inanma! Axırda yenə də olmadı. Gənbər — (gəlir irəli) Hacı, heç fikir eləmə, bu xəncərin gücünə arvadını boşatdıraram. Bir belə kələkdən mənim də başıma gətirmək istəyirdi. Haramzada oğluna bax, qulduru qoyublar şəriət məhkəmələrində, mənə quldur ad qoyub dalıma düşürlər! Nəsrulla — Allah buna divan eləsin! Var-yoxum bircə mülkümü manatça yarıma alıb Hacı Salehin cibinə tökdü. Zülfüqar — Vallah bu qırx lotudan həyasızdır. Aparıb həyasız-həyasız yanı balalı arvadımı saxlayır. Gənbər — Siz öləsiniz, mən bu kafir oğlunun divanını allaha qoymayacağam. İndi bu saat özüm divanını elərəm! (istəyir xəncər ilə vursun). Nisabəyim — Vur boynu düşsün yerə haramzadanın! Akif — (Gənbərə) Oğlan, əl saxla! Bu mə’lunun qanını tökməkdən heç bir şey çıxmaz. Gərək müsəlmanların arasındakı cəhaləti öldürmək. Müsəlmanların bir çoxu bu əmələ məşğuldur. Kərbəlayi Haşım — Ay qardaş, amanın bir günüdür! Mən daha özümü itirmişəm. Bu işə bir çarə elə. Mən bəs necə eləyim? (Tez-tez gəzir. Hammallar pullarını istəyirlər, qayıdıb acıqlanır). Akif — Qardaş, mən sənə yüz dəfə söylədim ki, özünü bu çildə salma! Mən sənə dedim bu tayfaya inanma. Çünki bunların cəmi dünyada qəbahəti məşhur olub. Lakin sən yenə nicatı bunlarda gördün. İndi bu mollalara inananların dünyadakı nicatıdır, axirətləri də bundan fəna! Kərbəlayi Haşım — Qardaş, məzəmmət vaxtı deyil əlac elə. (məclisə) Vallah mən dəli oluram. Ay kişilər, belə də dərd olarmı? Mən gedirəm beytüllahi-həram ziyarətinə, indi gözüm görə-görə övrətimi alsınlar? (ağlayır). Akif — Ağla-ağla! Mən sizin cəhalətinizi görüb ağlayanda siz mənə gülürdünüz. İndi haman cəhalətin səmərəsi sizi ağladır. Bu ağbaşlı, qara fikirli namussuzlar çoxlarının namusunu ayaqlayıbdır. Bu işə yalnız bircə çarə vardır. Kərbəlayi Haşım — Akif, belə qurbanın olum, o çarə nədir? Akif — Kərbəlayi-Haşımlıq çildindən çıxmaq, adam olmaq. Həqarətdən çıxmaq üçün bu paltardan çıxmaq lazımdır. Çünki cəmi fəsadlar bu uzun ətəklərin altından çıxır. Zülfüqar — Görünür ki, sən bir elmli adamsan. Elmin də ki, oldu söz yox, ağlın da olacaq. Mən ağılsız gətirib arvadımın bunun yanında talağını verdim ki, bir az burnu ovulsun. Mən bu tərəfə dönən kimi ağılsız arvadı salıb toruna. İndi iki aydır ki, saxlayır. İndi bəs necə olsun? Akif — Siz müsəlmanlar gərək bu işlərdən darıxmayasınız. Çünki sizin peşəniz arvadları heyvan kimi alıb satmaqdır; necə ki, alırsınız, öylə də satırsınız. Daha burada sual yeri yoxdur. Əsədulla — (sərasimə daxil olur) Ay Həlimə xanım, nə asudə oturmusan, evimiz yıxılıbdır (ağlayır). Həlimə — Gedə, nə olub məgər? Əsədulla — Nə olacaq? Münəvvər xanım qapı dalından eşidib ki, onu ərə verirsən, molla da kəbin kəsir, gedib özünü atıb göldə boğubdur. Mirzə Bağır — Vay, yaxşı mənim evim yıxıldı! Kərbəlayi Haşım — Gedə, Əsədulla, bu nə xəbərdir? Əsədulla — Bəli, ağa, budur, ölüsünü gətirirlər. Münəvvəri xalça üstə gətirirlər. Həlimə və Kərbəlayi Haşım özlərini salırlar cənazənin üstə. Kərbəlayi Haşım — Evin yıxılsın arvad, bu nə işdir mənim başıma gətirdin? Evin yıxılsın yalan şahadət verənlər! Bu nə bəladır mənim evimə saldınız. Akif — (Aralıqda durub əlilə göstərir) Bu açıq övrət (Şərifəni göstərir), bu da örtülü övrət, (Həliməni göstərir), bu şəriət (mollanı göstərir), bu da şəriətə inanan Kərbəlayi Haşımlar, bunlar da övrət tacirləri! Pərdə düşür. * * * == Sevgilər == Sevgilər (Əski Misir və Kən’anlıların həyatından alınmış əsərdir.) İştirak edənlər Cad – Yə’qubun oğulları. Nəfta – Yə’qubun oğulları. Şəm’un – Yə’qubun oğulları. Yəhuda – Yə’qubun oğulları. Dan – Yə’qubun oğulları. Raubin – Yə’qubun oğulları. Yusif – Yə’qubun oğulları. Malik – karvan başçısı. Xadim – onun qulluqçusu. Xəfra – misirli tacirlər. Men’es – misirli tacirlər. Ego – misirli tacirlər. Amenoxis – misirli tacirlər. Azib – misirli qadınlar. Tutmas – misirli qadınlar. Tutmazis – misirli kişi. Züleyxa – varlı bir qadın. Əzizi-Misir – Züleyxanın əri. Tadoxina – varlı aristokrat qadınlar. Aponet – varlı aristokrat qadınlar. Giloğana – varlı aristokrat qadınlar. Xanşensut – varlı aristokrat qadınlar. Fir’on – Misir hökmdarı. Asnat – onun arvadı. Qara bir qadın – Asnatın xidmətçisi. Bir dəstə rəqs edən qadın. Bir dəstə oxuyan qadın və gənclər. * * * Birinci pərdə Birinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır. Cad — Qovurur beynimi atəşli səma, Bir cəhənnəm bu hərarətlə fəza. Qarışıb qumlara qaynar bədənim, Bir yanar oddan ibarət vətənim. Bu əziyyətlə sevilməm yenə mən, Ölürəm məhbəsim olmuş bu vətən. Bir oğultək məni sevməz pədərim, Min həqarət doğur axşam-səhərim. Altun olsam da məni sevməyəcək, Yaşadıqca məni təhqir edəcək. Köləyəm mən, köləđir çünki anam, Ondan ötrü məni sevməzmiş atam. Nəfta — (Kinayə ilə) Sən doğulsaydın əgər Rahilədən, Sevdirərdim səni Yusif kimi mən. Çobanıq biz, atamız saymış həqir, Köləyik biz, o, əsilzadə sevir. Hamımız onca dəyərsiz bir oğul, Hələlik Rahilənin oğlu qəbul. Bu şərəfsizliyi mən heç çəkəməm, Qoy bütün varlığım olsun bərhəm. Şaşıram Yusifi sevdikcə o pir, Kişilərtək ölərəm olmam əsir. İntiqam almamış aram olmam, Öz qüsurundan utansın qoy atam. Şəm’un — (Arxasında bir dağarcıq yemək şeyləri olduğu halda öz-özünə danışaraq gəlir) Daima keçdi çobanlıqda həyat, Üzümüz gülmədi heyhat-heyhat! Bu həqarətlərə yox başqa cəhət, Atamızdır yenə nöqsanlı, əvət. Bir oğul çox sevilirsə, biri az, Belə bir ailə xoşbəxt olmaz. Yəhuda xurma ağaçlarının altında yatmışdır. Bu danışıqları eşidərək oyanmaq istəyir. Nəfta — (Şəm’una) Sus daha dinmə, danışdınsa yetər! Bu işi vermə Yəhudaya xəbər. Yəhuda — (Gözlərini silə-silə gəlir) Qorxmayın, mən də həmin fikirdəyəm, Sizə heç fikirdə xain deyiləm. Atamız fitnələr eylər icad, Sevgisindən doğulur bizdə fəsad. Yusif istəkli oğul, bizsə çoban, Atamın cümlə təşəbbüsləri qan. Atamız bizlə rəqabətlər açar, Gələcək sülhə birər süngü saçar. Səhvin islaha çalışmazsa əgər, Dözəməm qəmlərə, dözdümsə yetər. Mən özüm Yusifə xain deyiləm, Həsədim məndə çəkilməz bir ələm. Ola, ya olmaya Yusifdə günah, Yenə də olmuşam ondan ikrah. Raubin — (Arxasında bir tuluq su gəlir) Qardaş öz qardaşına xain ikən, Gülürəm ailənin sülhünə mən. Əqlisiz, duyğusuz övladı ata, Nə məziyyətlə sevərmiş əcəba? Özümüz sevgiyə layiq deyilik, Ona kəndimizi sevdirməmişik, Eybdir Yusifi tənqid etmək, Fəxr edək, çünki bizimdir o çiçək. Biz kimi xaini sevməzsə o pir, Məncə Yusifdə deyildir təqsir. Nəfta — (Qılıncı çəkib Raubinə hücum edərkən qardaşları mane olur). Qaçma dur, öldürüm əvvəlcə səni, Bu həqarətlər usandırdı məni. Dün keçərkən eşidirdim qapıdan, Yusif eylərdi bir əfsanə bəyan. Dedi Yə’quba o xülyalarını, Söyləyirdi ona rö’yalarını. Onu tə’bir edərək xain atam, Bizləri Yusifə qul etdi tamam. Yusif təpənin üstündə görünür. Şəm’un — (Nəftaya) Sakit ol, faidəsizdir bu səda, Yox çığırmaqda, bağırmaqda dəva. Hilədən məqsədə yol tapsaq əgər, Qorxmayın, kəsb edərik fəthi-zəfər. Cad — Heç siyasət bir əlac etməyəcək, Müşkülü birçə qılınc həll edəcək! Yusif — (Gəlib yetişir) Bir təhlükədir məncə bu atəşli səyahət, Yox məndə cəhənnəmləri seyr etməyə taqət. Hissimdə böyük qorxu doğurmuş bu tamaşa, Mən sizdə məhəbbət qoxusun duymadım əsla. Qardaş deyərəkdən sizə ruhumla inandım, Bir hilə zühurunda fəqət səhvimi qandım. Sizlərdə vəfa olmadığın bilməz ikən mən, Heç kimsəni fikr etməz idim zatimə düşmən. Qardaş deyərək düşmənə aldanmışam hər dəm, Əksinçə zühur etdi mənim cümlə düşüncəm. Şəm’un — Çox etmə fəğan, şad olacaqsan bu yuxundan. Yəhuda — Ulduzlar olar imdi sənə burda nigəhban. Cad — Etdiklərimiz məncə deyil zatinə təhqir. Dan — Nəql eylədiyin vaqiədən bir yeni tə’bir. Nəfta — (Yusifin yaxasından tutur) Ay, gün edəcək indi sənə səcdə bu yerdə, Şəm’un — Sultan olacaqsan bu səadətli səfərdə. Yəhuda — Çəksən bu gün aclıqda, susuzluqda məşəqqət, Bir gün gələcək üz verəcəkdir sənə ne’mət. Dan — Rö’yaya qapıldın, quru xülyaya inandın, Şəm’un — (Vurur) Sultan olacaq günlərini doğurmu sandın? Yəhuda — Şad olma əbəs, vermərik ol fürsətə imkan, Dan — Xülyaların artıq çıxacaq burda yadından. Yusif — (Raubinə sıxılır) Bir öylə vəfasızlığa yol verməmişəm mən, Qardaşlarım olsun mənə cani kimi düşmən. Lakin nə edim məndə əgər yoxsa da nöqsan, Qardaşlarımın şübhəsi yapmış mənə üsyan. Nöqsanlı bəşər məhv olur öz şübhələrində, Kəndisi deyil şübhədən ayrı nəzərində. Xəllaqi müəmma, səbəbi-xilqəti mübhəm, Bayğın bəşərin varlığı bir şübhə müsəlləm. Bir maddə ki, öz varlığını bilməmiş hala, Təhlilinə heç fəlsəfə yol tapmamış əsla. Raubin — Qoymam səni bir kimsə vurub etsin əziyyət, Bir qətlə varıb çıxmayacaqdır bu cinayət. Ruhim var ikən öldürə bilməz səni bir kəs, Dünyanı fəqət varlığın etmiş bizə məhbəs. Tə’mini-həyat etməyə qətlin bizə mətlub, Bu qətlə rizayəm mən əgər olmasa Yə’qub. Şəm’un — Bilməm bu nə xülya, bu nə sərsəm, bu nə göftar? Dan — (Açıqlı) Əvvəlcə bu xülyanı nədən qılmadın izhar? Cad — Sən də bizə Yusif kimi bir düşmən imişsən, Yəhuda — Qardaşlarına verdiyin iqrarına əhsən! Şəm’un — Kən’anə bu gün Yusif əgər eyləsə övdət, Dan — Bax bir nə olar gördüyünü eyləsə söhbət?! Yəhuda — (Raubinin yaxasını tutur) Səhv eyləmə, söylə nə olur halımız ondan? Cad — At fikrini, hifz etmə bunu, sapma yolundan! Şəm’un — Məhv eyləyəlim bir daha bitsin bu kəşakəş. Yəhuda — Yoxsa yaxacaq bizləri axırda bu atəş Dan — Qətl etməliyik Yusifi gülsün bizə iqbal. Cad — (Raubinə) Bir çarə düşün, varlığımız olmaya pamal. Şəm’un — (Raubinə) Öz əzmi-səbatında durub eyləmə nöqsan. Yəhuda — On bir kişini eyləmə bir Yusifə qurban. Yusif — Ölmək məni bir zərrəçə qorxutmayır əsla! Yoxsa belə cahil yaşayışlarda nə mə’na? Bir məqsəd üçündür yaşamaq dəhrdə ancaq, Biləks ölümdən çəkilən varmı bir alçaq? Min dəfə öləm verməz ölüm qəlbimə dəhşət, Ancaq yaşasam eylərəm insanlığa xidmət. Şəm’un — (Yusifə) Qardaşlara bir nifrət oyandırdı hüzurun, Qoy kəndinə qalsın bu qədər kibrü qürurun. Nəfta — Ancaq qılınc iqbalını tə’yin edəcəkdir, Aləm bu cinayətlərə əhsən deyəcəkdir. Yəhuda — Boş bir quyuda eyləyəlim Yusifi pünhan, Qalsın o qaranlıq quyuda, ölsün acından. Əlvan edərik köynəyini qırmızı qandan, «Qurt yırtdı» deyib söylərik hər yerdə yalandan. Raubin — Razı deyiləm Yusifi məhv etməyə hərgiz, Ancaq bir uzaq ölkəyə qultək satarıq biz. Tutmuş bu yaxın sahədə bir qafilə məskən, Siz sakit olun Yusifi qultək sataram mən. Qardaşlar — (birdən) Yusif satılan vaxtda qaldırmaya bir səs, Qul olduğunu qafilədə qanmaya bir kəs. Yusifin yaxasından tutub dartıb aparırlar. Pərdə düşür. * * * İkinci pərdə Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir. Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir. Nəfta — (Qafiləyə) Bu qafilə yüklənib nə yerdən? Etmiş nə üçün bu yerdə məskən? Kimsiz, nəçisiz, sizə nə lazım? Bu qafilə hansı səmtə azim? Malik — (İrəli gəlir) Misrə gedəcək bu karvanım, Yox sizlərə burda bir ziyanım. Xalqım azacıq yorulduğundan Rahatlanırıq bu yerdə əl’an. Nəfta — Eyb eyləmə, məqsəd oldu zahir, Xoşdur bizə siz kimi müsafir. Tacirlər əgər edərsə məqbul, Satmaq dilərik bu yerdə bir qul. Malik — (Heyrətli) Quldurmu deyin, bu incə surət? Zibalığı məndə doğdu heyrət. Etmişmi xəta bu dilbər insan? Bağlandığına səbəb nə nöqsan? Yusif — Yox xarüqüladə bir təsadüf, Heyrət yeri yox gər olsan arif. Hər kimsə rəyasət axtarırkən, Bir şəxsə sitəm qılar müəyyən! Məncə qurulușdadır bu təqsir, Heyrət verəcək deyil bu təhqir. Malik — Sən bir köləsən vücudun üryan, Zülfün dağınıq, saçın pərişan. Heyrətdə qoyur məni məqalın, Bilməm nəçisən, nədir xəyalın? Bir iş duyamam bu sözlərindən, Bir şübhə oyandı gözlərindən. Nəfta — (Yusifi vurub susdurur) Dünyada bu anlamaz qulamın, Etdikcə riayət ehtiramın, Olmaz yenə bir ədəbli insan, Hər fikri, xəyalı qaçmaq, üsyan. Cad — Dünyaya dəyər bu hüsnü surət, Lakin buna gülməmiş təbiət. Əxlaqını pək fəna yaratmış, Təmkinin alıb, vüqarın atmış. Şəm’un — Bir gənc isə macərası çoxdur, Satmaqdan əlavə çarə yoxdur. Satmaq bunu başqa bir diyarə Kən’anə qayıtmasın dubarə. Ətrafıma toplanardı zəvvar. Yüz bülbül önümdə nəğməkirdar. Məhfuz ili varlığımla gülzar, Gül ruyimə söyləyirdi əş’ar. Hər kəs mənə bənzədərdi yarın, Məhbubi idim bütün diyarın. Bir mətlə’ idim qəsidələrdə, Namım yazılar nəşidələrdə. Gülzarda mən də bir gül asa, Bir qəmli xəzana düşdüm hala. Dün bir gül idim, bu günsə soldum, Gül yarpağıdək xəzankəş oldum. Yox məndə dəxi keçən məziyyət, Zira qoyulur libasa qiymət. Malik — (Xadiminə) Paltar gətirin bu qul geyinsin, Misr əhli görəndə rəğbət etsin. Xadim paltar gətirib Yusifə verir. Yusif paltarları geydiyi vaxt qafilə camaatı onun ətrafına toplanıb oxuyur: Sən gözəllikdə, sən vəcahətdə, Az doğulmuş bizim vilayətdə. Heyf ola tərbiyən deyil kamil, Surətin dilruba, özün cahil. Kölələr cahil olsalar səntək, Ölsə qanı hədər gedər bişək. Yusif — Güclülər hər nədən qalıb məmnun, Onu məzluma eyləmiş qanun. Məncə yox biz deyən qəzavü qədər, Yaradır hər bir ehtimalı bəşər. Malik — Yetər artıq bu əski fəlsəfələr, Sözlərin bir kinayədir yeksər. Gün çəkilmiş, yaxınlaşır axşam, Gecə vaxtında burda mən qalmam. (Karvana) Əmrdir karvan köçüb getsin! (Yusifə) Düş yola, boş hekayələr bitsin! Yusif — Acizlər əzilmədən tükənməz, Zalimlərin ehtirası bitməz. Bir təhlükədir bu qanlı aləm, Məhv olmadadır bəşər dəmadəm. Qanlardan alır bəşər səadət, Bir kəs yaşamır bu evdə rahət. Hər kimsə deyil böyük mübariz, Bir iş yapamaz, dayanmış aciz. Qan kasəsidir cahan ləbaləb, Pək qorxuludur bu qanlı məktəb. Malik — (açıqlı) Kimdir, de görüm cahanda məs’ul, Narazılığın nədəndir, ey qul? Əqlindəmi yoxsa bunca nöqsan? Həmnövünə tə’n edərmi insan? Xəfra — Vəqta ki, özün də bir bəşərsən. Men’es — Söylə nədən ötrü tən’ edərsən? Ego — İnsanla qıl ülfət, olma bədbin. Amenoxis — Cəmiyyəti qılma bunca tovhin. Malik — (Yusifin yaxasını dartır) Söylə bu nə şikvə, bu nə küsmək? İnsanların həpsi məncə yekrəng. Yusif — Yekrəng deyil bəşər, yanılma, Xülyaya qapılma, səhv qılma! Sən, mən bir hüquqa malik olsaq, Yekrəng olarız biz onda ancaq. Mən birçə nəfər əsirü məhkum, Hər fikirdə, hər əməldə məhrum. Sən bir ağasan hər işdə hakim, Məzlum ilə yar olurmu zalim? Xadim — (Yusifi kənara atır) Rədd ol buradan, çəkil! Kənar ol! Hədyan demə, sus da, huşiyar ol! (Yusifi sürüyüb aparır). Pərdə düşür. * * * Üçüncü pərdə Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır. Malik — (Yusifə) Halın nədən oldu bəs pərişan? Hər odlu baxışların bir üsyan. Üsyanı, inadı at özündən, Qan yaşları tökmə çox gözündən. Hər kəs sənə baxsa, eylə hörmət, Hazırda vəzifən işbu xidmət. Şad ol yenə parlasın camalın, Haqqımda böyük cəfa bu halın. Yusif — Hansı işə söylə şad olum mən? Heyrət məni qarşılar bu yerdən. Bunlar nəçidir? Nədir bu bazar? Mən şad olamam bu yerdə naçar. Xadim — Son mərhələdir, çox etmə nala, Ta inciməsin baxan bu halə. Xəfra — Baxma yerə, ey nəhali-növrəs, Sevdir özünü baxanda hər kəs! Səndə hanı mən görən təbəssüm? Gül, cəzb ola məhzərində mərdüm. Yusif — (Xəfraya) Eyb etmə bu odlu ah-zarə, İnsan qoyulurmu ehtikarə? Aqil bu həyata ağlamazmı? Söylə mənə, bu cəfalar azmı? Malik — Anla, sənə verdim əlli dirhəm, Gəl rəhmə, yamanlıq etmə sən həm! Gər versə zərər mənə bu sövda, Olmaz sənə də səadət əsla. Olmazsa əgər bu yerdə bazar, Köç etməliyik İraqa naçar. Yusif — Var məndə birər böyük həqiqət, Dinlə məni, al bu işdən ibrət! Mən bir neçə həftə bundan əvvəl, Rahat yaşayan zaman mükəmməl, Həp bir əbədiyyət hiss edərdim, Zira yox idi bir özgə dərdim. Qılmışdı məni əhatə ne’mət, Hər mənzərəm ayrı bir məsərrət. İndisə dəyişmişəm cahanı, Mən’ eyləmə etdiyim fəğanı. Mən qulluğa etməmişkən adət, Məndən tələb etmə ayrı halət. Təbdil olacaq sənin də halın, Qıl çarə varınsa gər məcalın. Bir gün sən özün olanda məhkum, Anla, nə çəkib əlində məzlum. Ancaq nə çıxar bu anlamaqdan? Bir iş bacarırsan eylə əl’an. Bir dəstə misirli qadın — Ey taleyi zülfü kimi qarə, Söylə, nə səbəb bu ahu zarə? Faş eylə nədəndir e’tirazın, Sən qulsan əgər nədir bu nazın? Qadınlardan Azib — Hər qədri mənim varımsa malım, Məhv olsa əgər bütün cəlalım, Gər malik olam bu gül cəmalə, Min nifrət ola o mülkü malə. Gər varsa həyatı kainatın, Sənsiz nə vəfası var həyatın?! İkinci qadın Tutmas — Tapsa gər evim səninlə zinət, Dünyaya dəyər bu canlı sərvət. Ömrümdə olam səninlə xoşdil, Bir sadə düşünçədən nə hasil? Kişilər dəstə ilə oxuyur. Sat bu qulu olma çox məəttəl, Öz başına açma burda ənkəl. Var şübhə bunun qul olduğunda, Sat, saxlama xalqı öz yanında. İncitmə bunun tut ehtiramın, Təhqir eləmə, eşit kəlamın. Kişilərdən Tutmazis — Qul olmadığın duyarsa millət, Tədibini əmr edər hökumət. Sat, saxlama, hər nə versələr al. Hirsin səni etməsin çox ifal. Malik — (Gülür) Yox qorxu mənə bu sözlərindən, Xof eyləmədim bu lafdan mən. Etməz mənə bir sitəm hökumət, Mən etməmişəm bu işdə sirqət. Yox birçə səbəb bu qilüqalə, Quldur mənə, almışam qəbalə. Bir işdə ki, var qəbalə, höccət, Aydın burada bütün həqiqət. Yusif — Dünyada bütün bu macəralar, Təzvirli, süslü iddialar, Min hilələrin, min ixtilafın, Min iç üzü qanlı e’tilafın, Məncə o kağızdır istinadı, Kağız çıxarır bütün fəsadı. Olsaydıq əgər xatadan ari, Qalmazdı bunun bir e’tibarı. Bə’zilər olub o qədri ərzəl, Bir parça kağız da ondan əfzəl. Bir-birlərinə çox e’timadı, Bir parça kağızdır ittihadı. Eylərsə bu gün bir əhdi imza, Bir hərb qılar yarın mühəyya. Bir fitnə çıxarsa asimanda, Bişək bu kağızdadır komanda. Züleyxa öz əri ilə gəlir. Ətrafını kişi və qadın qulluqçuları almışdır. Qulluqçular oxuyurlar — Yoldan çəkilin, gəlir Züleyxa, Hüsnündə, vəcahətində tənha. Heç kimsə dayanmasın çəkilsin, Hər bir qədəminə gül səpilsin. Gülpirlər — Getsin daha qalmasın bir insan, Dursun o uzaqda, baxsın heyran. Züleyxa qullara baxa-baxa gəlib Yusifin qarşısında dayanır. Züleyxa — (Əzizi-Misrə) Xaliq mənə verməmiş bir övlad, Olsun ürəyim onunla bir şad. Bu ölkədə namım itməsin ta, Olsun evimin çırağı bərpa. Zira məni sevməmiş təbiət, Övlada qoyub cahanda həsrət, Düşməz ələ böylə bir gözəl qul, Hər bir hərəkatı məncə məqbul. Əzizi-Misir — (Züleyxaya) Hər qədri gözəlsə bu pərizad, Ondan sənə lakin olmaz evlad. Ayrılmasa heç zaman yanından, Ancaq bu deyil sənin qanından. Eylərsə əgər səninlə ülfət, Yalnız analıqdadır məhəbbət. Əylənçədən ötrüdür fəqət bu, Bel bağlama özgə oğludur o! Züleyxa — (Ərinə) Bu barədə dinləməm nəsihət, Al bu qulu gər varımsa hörmət. İstərsən olam səninlə həmraz, Al bu qulu, qıl məni sərəfraz. Məndən bunu alsa gər camaət, Evdə salaram böyük qiyamət. Gər varsa yanında ehtiramım, Olsun bu gərək mənim qulamım! Əzizi-Misir — (Əlini Malikin cibinə qoyur) Al hər nə ki, qiymət istəyirsən, Hər şərtin olarsa hazıram mən. Züleyxanın xidmətçi qadınları Yusifin əlindən tutub apara-apara oxuyurlar: Ağlama, bizdə sən şad olarsan, Qüssədən, qəmdən azad olarsan. Bu Züleyxa sənin öz anandır, Anandan da sənə meyribandır. Ağlatma bizləri göz yaşından, Qulluq fikirlərin at başından. Gedirlər. Pərdə düşür. * * * Dördüncü pərdə Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir. Yusif — (Züleyxaya) Mənzur nədir bu işrətindən? Bu halət uzaqdır ismətindən. Şəhrətli, kamallı bir qadınsan, Bu hala riza olurmu nisvan? Nifrətlənirəm bu macəradən, Bu halətı görmək istəməm mən. Züleyxa — Dünyada bu gördüyün məsərrət, Ancaq sənə oldu burda qismət. Bir ne’mət olub sənin nəsibin, Hazırda bütün cahan rəqibin. Sən sevmədiyin bu şanlı mənzər, Heç bir kəsə olmamış müyəssər. Yusif — Qarşımda duran gözəl qadınlar, Məhkumədir, oynamaqda naçar. Öz zövqünə eləmişsən alət, Məncə bu da bir dərin səfalət. Bunlar nədən ötrü rəqsə gəlmiş? Bi şübhə ki, zövqüdən deyilmiş. Çılpaqların əldə etsə fürsət, Eylər bu sönük həyata nifrət. Bir sən’ət ikən bu oynamaqlar, Çılpaqlığa bəs nə məqsədin var? Əfsus ki, burda incə sən’ət Şəhvətlərə eylər indi xidmət. Züleyxa — Səndə de görüm nədir bu xülya, Nisvan nə üçün yaranmış aya? Sən bir kişisən məhəbbətin yox, Biganəsən eşqə, ülfətin yox. Anla məni, olma qəlbi sadə, Bu sevgidən eylə istifadə. Səhv etmə! Gərək bütün qadınlar, Bir zövqi səlimi oxşasınlar. Çılpaqlığa sən darılma hərgiz, Bir ailədən, bir evdəniz biz. Paltar yox ikən keçən zamanda, Çılpaq yaşadıq bir aşiyanda. Çılpaqlara çox da etmə töhmət, Paltar bizə bir izafə zinət. Yusif — Heyrətlənirəm bu fəlsəfəndən, Mənzurimə aşina deyilsən. Olmazsa əgər qadında ismət, Aqil kişi eyləməz məhəbbət. Fikrində nişanı yox hicabın, Heç təhlükədən yox ictinabın. Divanəsən öz təriqətində, Əxlaq unuduldu söhbətində. Züleyxa — Paltarsız olan deyil bədəxlaq, Əxlaqı sən anlamırsan ancaq. Hər bir yeni inkişafımızda, Bir ayrı qiyafə doğdu bizdə. İnsanda fəqət bu son təhəvvül, Bir fitnə doğub ki, rəf’i müşkül. Cəmiyyətə girmədikcə nisvan Ərlər dəxi ayrılıb qadından. Yoxdur adı müştərək həyatın, Erkək, dişi kəsmiş irtibatın. Erkəklə qadın tutarsa ülfət, Əxlaqsız adlanır nihayət. (Məclisə) Rəqqasələr oynasınlar hala, Boş fəlsəfələrdə var nə mə’na? Rəqqasələr rəqs edirlər. Bayırdan bir dəstə qadın səsi eşidilir. Züleyxa rəqs edənləri dayandırır. Misrin aristokrat qadınları oxuya-oxuya içəri girirlər Qadınlar — (Züleyxaya) Olsaydın əgər sən bir əsilzadəyə məftun, Bu eşqə qoyub qiymət olardıq hamı məmnun. Sevsəydin əgər Misrdə sən varlı bir insan Olmazdın özün axırı eşqində peşiman. Ancaq elə bir zat ilə tutdun bu gün ülfət, Faş olsa bu eşqin edər aləm sənə nifrət. Qadınlardan Tadoxina — Bir qul ki, onun indiyədək kimliyi məchul, Cənnətdən uçub gəlsə deyil bizlərə məqbul. Bir kimsə əgər versə mənə Yusifi nisbət, Ölləm belə təhqir ilə sağ qalmaram əlbət. Bir hüsn ilə məşhuri-cahan olsa da bir zat, Sərvətlə gərək eyləsin öz varlığın isbat. Aponet — Mən istədiyim olmasa bir gündə müheyya, Qiloğana — Göydən düşə pulsuz kişi sevməm onu əsla Xanşensut — Pulsuz mələk olsa olamaz qəlbimə hakim, Tadoxina — Pulsuz kişinin söylə görüm eşqi nə lazım? Aponet — Pulsuz kişi hər etsə mənə varlığın ithaf, Qiloğana — Pul yoxsa onun eşqi fəna, sevgisi boş laf! Xanşensut — Hər kəs mənə altunları qoymazsa müqabil, Tadoxina — Ruhun verə, olmaz yenə də vəslimə nail. Züleyxa — Yox zərrəcə qiymət o əsilzadə sözündə, Hər bir əzəmət olmalıdır şəxsin özündə. Bir söylə nə gördüm o əsilzadə ərimdən? Ölsəm də fənalıqları çıxmaz nəzərimdən. Eşq olmasa təkmil olamaz varlığı zatın, Zira quru sərvətlə üzü gülməz həyatın. Tadoxina — Ruhunda böyük fitnə yaratmış bu xəyalat, Aponet — İqbalını tə’min edəməz eşqlər heyhat! Qiloğana — Xam olma, səadət bulmazsan bu qulunda, Xanşensut — Tezliklə zəbun olmalısan eşq yolunda. Züleyxa — Mə’zur tutun, çünki çıxıb mənliyim əldən, Bir aşiqəm ölsəm də çəkilməm bu əməldən. Tadoxina — İnsanları bir hüsn ilə məhv etmiş idin sən, Sərkəştələrin olmuş idin eşqinə düşmən. Hər bir qədəmində sənə bir eşq müheyya, Daş qəlbilisən bir kəsə rəhm etmədin amma. Aponet — Bir söylə görüm səndə ikən hüsnü vəcahət, Bu hüsn ilə bir kimsəyə verdinmi səadət? Qiloğana — Tuğyan edərək bir çoxunun eşqini atdın, Bir gənc ikən öz varlığını sərvətə satdın. Xanşensut — Hər kəs səni sevsəydi qovub eşqə gülərdin. Tadoxina — Kəndin belə hər ləzzəti sərvətdə bilərdin. Züleyxa — Mən bir qız idim eşq sözün anlamayırdım, Onda kişinin eşqini bir hiylə sanırdım. Hər kimsə mənə etsə idi eşqini e’lan, Zənn eylər idim ismətimə yapdı bir üsyan. Bir çoxlarıtək mən dəxi öz hüsnümə məğrur, Didarım ilə eyləmədim bir kəsi məsrur. Mən sevgini bir xariqə bilməzdim əzəldən, Əfsus buraxdım keçən imkanları əldən. Min eşq səpilsəydi əgər rəhgüzərimdə, Baxdıqca oyunçaq görünərdi nəzərimdə. Çünki yox idi onda mənim sevdiyim insan, İndi məni bir eşqə düçar eylədi dövran. Tadoxina — Mən dinləmərəm bir daha xain kişilərdən. Aponet — Artıq o adı dinləməyi sevməyirəm mən. Qiloğana — Bir qız kimi olsan ona min hiss ilə təqdim, Xanşensut — Öz varlığını qılsan onun zövqünə təslim, Tadoxina — Bi mehridir, axırda səni aldadacaqdır, Aponet — Sevsən də səni sevməyəcəkdir, atacaqdır. Qiloğana — Onlar düzəldib bizləri öz nəfsinə alət Xanşensut — Ərlərdən imiş cümlə qadınlarda səfalət. Züleyxa — Saydıqlarınızdan deyil ol sevdiyim afət, Hazırda salar sizləri də damə o ləbət. Tadoxina — Hər gördüyünü sevsə əgər dəhrdə nisvan, Qalmaz qadının hüsnünə qiymət qoyan insan. Hər bir qadın öz gördüyünə qılsa məhəbbət, Bişübhə ki, dünyamız olar xaneyi-vəslət. Bir hüsnü vəcahətlə qadın olmasa məğrur, Eşqində onun əczə olurmu kişi məcbur? Qiloğana — Kölgən kimi tapdanmalı, məhv olmalı daim, Yıx qəlbini, rəhm eyləmə, çünki o da zalim. Verməz kişilər bir də sənin eşqinə mə’na, Sal hicrə ki, hicranı sevir eşq ilə sevda. Yusif və sair qulluqçular əllərində meyvə xonçaları məclisə daxil olurlar. Qadınlar Yusifi görərkən heyrətlənirlər. Züleyxa — (Yusifi göstərir) Mən söylədiyim yanımda peyda, Ar etməyərək qılın tamaşa. Sevdazədəyəm yox ictinabım, Sinəmdəki eşqlər hicabım. Mən qailəm öz şəriətimdə, Sabitqədəməm təriqətimdə. Artıq mənə kimsə sahib olmaz, Laf eyləmirəm, qadın satılmaz. Bir duyğu ikən bəşərdə sevda, Eşqində qadın olurmu rüsva? Bir ər ki, cəfadayam mən ondan, Artıq yaşayış deyildir asan. Ərlik nə demək, nədir bu sözlər? Mənzur deyil sevilməyən ər! Yusif — (Züleyxaya) Hərgiz verəməm bu eşqə mə’na, Mətləb niyə məncə bir müəmma. Söylə kimədir bu canfədalıq, Kimdən diləyirsən aşinalıq? Get sev kimi istəyirsən artıq, Sat işvə cahana, Misri yıx, yıx! Ac xalqa o çeşmi-dilşikarı, Qoy gənclər etsin intiharı. Qoy pənbə yanaq cahana gülsün. Həsrətlərə intəha qoyulsun. Ancaq məni eylə burdan azad, Zira deyiləm bu cilvədən şad. Bir zərrə də olsa sevmirəm mən, Get sev kimi sevmək istəyirsən! (Yusif sözünü qurtarıb qaçır.) Züleyxa ilə bütün qadınlar dalınca oxuya-oxuya məclisdən çıxırlar. Ərlərdə, qadınlarda bir eşq olmasa bərpa, Gülməz bəşəriyyət, sarılar zülmətə dünya. Hər eşq budur, bundan ibarətsə, Züleyxa, Bişübhə ki, aləm kəsilər aşiqi-şeyda. Dünyada əgər olsa məhəbbət mütəqabil, Sevdanı danıb ömr edəməz bir kişi qafil. Çıxırlar. Pərdə düşür * * * Beşinci pərdə Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir. Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər. Xor — Hər kimsədən olsa xalq razı, Mədyundur ona bizim ərazi. Cəmiyyətə hər kəs etsə xidmət Millət qoyacaq o zatə qiymət. Yusif özü bir səmimi insan, Lazım bizim ölkəmizdə hər an. Fir’on və qadını Asnat oturur. İşarə edib oxuyanları dayandırırlar. Fir’on Yusifə qarşı səndəldə oturmağa icazə verir. Fir’on — (Yusifi göstərir) Bu zatə rəva deyildi məhbəs, Bəslərmiş ona məhəbbət hər kəs. Ziba yaranıbsa surətində, Bir elə gözəl təbiətində. Bir çoxları var gözəldir, amma, Məhbub deyil, sevilməz əsla. Olmazsa əməldə, sözdə birlik, Qılmansa sevilməz ol gözəllik. Asnat — Heç kimsə sədaqətdə deyil Yusifə həmta, Hər hüsnü təbiət yaradıb onda müheyya. Misr ölkəsi məmnun bu məharətli bəşərdən, Daim şaşıram bunda olan xariqələrdən. Yoxdur buna bişübhə gözəllikdə müqabil, Əfsus ki, yox bunda böyük eşqə təmayül. Gənc qızlar və oğlanlar oxuyurlar: Yusif elə bir xariqədir nazı çəkilməz Bir fitnədir, insanlar onu sevməyə bilməz. Bundan nə qədər zülmü sitəm çəkdi Züleyxa, Zindanları sevdisə onu sevmədi əsla. Fir’on — Min hüsnü vəcahət olamaz ərlərə hakim, Hər kəs olur olsun kişinin sevməsi lazım. Zibalığına olsa da məğrur Züleyxa, Aqil kişi verməz quru zibalığa mə’na. Asnat — Hazırda Züleyxanı edin məclisə də’vət, Mən bilməliyəm kimlər üçündür bu məhəbbət? Bilməm o ağılsız nə görübdür kişilərdən, Min cürə cəfa görsə çəkilməz bu zərərdən. Yusif — (Asnata tə’zim edir) Bir kimsə mənim inciməmişdir sitəmimdən, Yüz il yaşasam elə xəta gəlməz əlimdən. Bir gün bunu məncə biləcəkdir o pərivəş. Dünyada qadından doğulur cümlə kəşakəş. Bir şux sənin sevdiyini eyləsə tə’yin, Dünyaları versən edəməzsən onu tə’min. Fir’on — Məsrur olamaz fitnələrin sevdiyi bir zat, Dünya dolu hicranzədələr burda bir isbat. Bir fikr üzərində duramaz kəndisi daim, Məcnundur öz eşqində buna şərh nə lazım? Bir fitnə deyim mən ona cayizsə bu tə’bir, Hər güldüyü bir təhlükə, hər xəndəsi təhqir. Yusif — Bir afət imiş xalqa onun olması həmdəm, Dünya bizə onsuz da birər odlu cəhənnəm. Dünyada qadınsız yaşamaq ərliyə müşkül, İnsan sevir, amma nə edim zəhridir ol gül. Hər ailənin çəkdiyi qəm, gördüyü zillət, Daş qəlblinin fitnələrindən çıxar əlbət. Fir’on — Qısqanması həp bir həyəcan, küsməsi bir qan, Ən qıssası bir sülhə qadın etməmiş iman. Məfkurəsi rahatlığa, asayişə düşmən, Qaçmaq yaramır ancaq o daş qəlbin əlindən. Bir elə qırılmaz ipə bağlanmışız əfsus, Hər bir kişinin varlığı ancaq ona məxsus. Xor — Yusif qadının eşqinə dil verməyir hərgiz, Ancaq yenə də varlığın alqışlayırıq biz. Xidmətləri var, min eyilik gözlərik ondan, Vadiləri qılsın mədəni Nil suyundan. Hələ mədəniləşmədə, dirçəlmədə fəllah, Yapmaq dilərik əski təbiətdə bir islah. Əskiləri at, dəhrə baxıb qur mədəniyyət, Bir çarə düşün diz çökə qarşında təbiət. Fir’on — Əsrinlə sürün, kəndi mühitindən al ibrət, Axtar yenilik batil ikən əski həqiqət. Qalxsın mədəniyyət, uçalansın göyə ehram, Heybətli Əbülhovl ilə ver əsrə sərəncam. Sə’y eylə ki, tarixin edə əsrdə şöhrət, Mumyalarımızdan bilik alsın bəşəriyyət. Asnat — Misrin mədəni varlığı tarixə yazılsın, Durduqca cahan Nilin üçün qan axıdılsın. Sə’y eylə, çalış eylə bütün ölkəni bərpa, Bir gün gələcək yad edəcəkdir səni dünya. Yusif — Layiq deyiləm mən bu böyük xidmətə zira, Dahiləri axtar, sənə qursun yeni dünya. Fəxrimdir əgər eyləyə bilsəm sizə xidmət, Olmazsa böyük təcrübə olmaz mədəniyyət. Mən təcrübəsiz, elmsiz, idraksız olsam, Bir iş edəməm, sə’y qılarsam səhər, axşam. Fir’on — Xidmətlərini görmüş ikən bizdə xəlayiq İnkarına qalxışma, bu mənsəb sənə layiq. Yusif — İstərsən əgər olmayasan fəqrə giriftar, Hər xidmətin öz əhlini tap, amilin axtar. Mənsəb daşımaq, şanlı riyasətdə bulunmaq, Bifaidədir işləməsən xalq üçün ancaq. Hərgiz edəməm şəxsim üçün xalqa xəyanət, Əfv eylə, deyil ruhuma uyğun bu riyasət. Az bilgi böyük xidməti tə’min edəməzkən, Yüksəlməyəcək məmləkət onda nə edim mən? Mən mənsəbə aldanmayıram, ölkə mənimdir, İşğal edəməm çünki bu yer öz vətənimdir. Fir’on — Var səndə məharət, sənə layiq belə mənsəb, Dinlə məni vardır yenə də bir yeni mətləb. Hazırsan əgər etməyə insanlığı təkmil, Gəl sən dəxi qıl Misrdə bir ailə təşkil. Yalqız yaşama, get ara tap kəndinə yoldaş, Misrin mədəni mülkünə at bircə vətəndaş. Bir vaxtda ki, zatinə dildadə Züleyxa, Tənhalığına ayrı səbəb varmıdır, aya? Yusif — Bir ailə təşkili mənim istəyim, amma, Mə’zur tut, hər kəslə bu mümkün deyil əsla! Bir elə gözəl dilbərin istənməsi asan, Ancaq əri varkən mənə ol vermədi vicdan. Züleyxa — (Bayırdan oxuya-oxuya gəlir) Mən xəstəyi-eşq olmuşam, Hicranə sərməşq olmuşam. Sahibsizəm ölmüş ərim, Yoxdur qəmimdə rəhbərim. Bir eşq ilə məşhur ikən, Mənzurəm hər bir yerdə mən. Salonda olan bütün gənclər və qadınlar oxuyurlar. Atdın bütün kaşanəni, Tutdun dili-divanəni. Sevda səni etdikdə cəzb, Divanəlik təskini-qəlb. Hakim sənə bir mahru, Sevdaya bais iştə bu. Züleyxa — (Salonun ortasında durub heyrətli bir surətdə oxuyur) Məhv oldu məvcudiyyətim, Var eşqtək bir dövlətim: Fəxrimdir hər bir imtahan, Layiq verərsəm eşqə can. Xor — Hərgiz biz etməzdik güman, Qılsın Züleyxalar fəğan. Bu bir gözəldir şübhəsiz, Bu halına heyrətdəyiz. Məşşatələr də’vət qılın, Zülfün yuyub zinət qılın. Yusif — (Fir’ona) Heyrətlənirəm belə züleyxaları görcək, Məcnunluğa mən istəmirəm eşq adı vermək. Aşiqdə səmimiyyət olar, fitnə tapılmaz, Etməz məni təhqir ilə min fitnələr ağaz. Züleyxa — (Ağlayır) Daşdır ürəyin eyləmədin zərrə mürüvvət, Mən ruhumu verdim sənə etdin niyə nifrət? Düşdüm bu fəlakətlərə bir etmədin insaf, Zalim kişinin, əfv ediniz, hər işi bir laf. Yusif — Mən verməmişəm bunca fəlakətlərə meydan, Əfv et məni, zatən dəlidir eşqdə nisvan. Doğuşmasa əgər sizdə böyük sevgi hüzurum, Yoxdur mənim ancaq bu fəlakətdə qüsurum. Asnat — (Yusifə) Söylə kişilərdənmi deyil bizdə səfalət? Rəhm eyləməz, eylər kişilər eşqə xəyanət. Züleyxa — Hələ sevirəm mən səni olsan yenə zalim, Sən dur öz inadında dəyişməz bu xəyalım! Yusif — Ancaq yenə də etməliyəm bir sözü təkrar, Bir xariqəsən az tapılar sən kimi dildar, Ərsiz qadın olsaydın əgər şübhəsiz onda, Bir bunca cəfa çəkməz idin eşq yolunda. Ölmüş ərin olmuşsan əgər qeydidən azad, Eşqin mənə bağışsa buna mən dəxi dilşad. Züleyxa Yusifin əllərini tutub sinəsinə basır. Pərdə düşür * * * == Maral == Maral (Beş pərdə, səkkiz şəkildən ibarət dram əsəri) Əsərdə iştirak edənlər Astiaq – Azərbaycan hökmdarı, 30 yaşlarında zəif iradəli bir adam. Maral – Onun bacısı, gözəl və məğrur bir qız, 20 yaşlarında. Fəramərz – Azərbaycan qəhrəmanı, 30 yaşlarında, Maralın aşiqi. Sərtac – Astiaqın vəziri, 35 yaşlarında, Maralın aşiqi, Aysoru casusu. Bəhmən – Qoca vəzir, 155 yaşında, vətənpərvər və ağıllı bir qoca. Şahmar – Sərtacın dostu, saray xidmətçisi, 40 yaşlarında. Qorxmaz – Fəramərzin əmisi oğlu, məşhur sərkərdə, 40 yaşında. Dönməz – Fəramərzin kiçik qardaşı, 25 yaşında. Çeyran – Saray kənizlərindən, gözəl qız, 20 yaşlarında. Haman – Aysoru dövlətinin Azərbaycan nümayəndəsi, 50 yaşlarında. Polad – Fəramərzin nökəri, 20 yaşlarında, lovğa bir gənc. Baş mə’bid – 60 yaşında bir ruhani. Behnaz – Astiaq padişahın birinci qadını, 20 yaşında. Şəhriyar – Behnazın qardaşı, cənub hökmdarı, 25 yaşında. Bəba – Aysoru şahzadəsi, Astiaq şahın 2-ci qadını, 20 yaşında. Dəmir – Saray xidmətçisi. Oxuyanlar və rəqqasələr. Döyüşçülər. Mə’bidlər. Saray qadınları. * * * Birinci pərdə Birinci şəkil Səhnə Kür çayının kənarında bir meşədir. Astiaq padşahın bacısı şahzadə Maralın şikarkahıdır. Silahlı nökərlər meşədə gəzənləri qovub çıxarırlar. Fəramərz Maral ilə görüşmək üçün meşəyə gəlir. Şahmar — A hey, tez çəkilin meşə qoruxdur, Burda dolanmağa icazə yoxdur! Dönməz — (Çıxır onun qarşısına) Padşahmı çıxır bugün şikara? Şahmar — (Acıqlanır) Nəyinə lazımdır, çəkil kənara! Dönməz — (Çox sakit bir surətdə) Bir sözü soruşmaq günah ki, deyil. Şahmar — (qamçını qaldırır) Hər söz hər ağıza yaraşmaz, çəkil! Dönməz — (qamçıdan tutur) Kişisən əlini yerində saxla. Şahmar — (təəccüblə) Əcəb rast gəlmişəm dil anlamaza. Dönməz — (gülür) Demək ki, rast gəlmiş qanmaz, qanmaza. Çox əsəbiləşmə, gəl otur görək. Şahmar — (Onun əlindən dartınır) Yəzdanı sevərsən yaxamdan əl çək, Buraq, indi gəlir şahzadə Maral. Dönməz — (Onu buraxır) Onda sən dayanma get! Salamat qal! Şahmar — Sən dəxi dayanma, çəkil, get burdan, Çox acıqlı qızdır, o gözəl şeytan. Bilsə yabançı var meşədə şəksiz, Onun qəzəbindən məhv olarıq biz. (gedir) Dönməz — Belə ha, mən ancaq bunu istərdim, İşlərim düzəldi, daha nə dərdim? Fəramərz — (Gəlir, çiynində gətirdiyi ceyran cəmdəyini bulağın başında yerə qoyur, Dönməzə) De görüm Maraldan nə xəbərin var? Dönməz — Bu günkü şikarın uğurlu şikar. Şikara çıxmışdır şahzadə Maral. Fəramərz — İmdadıma çatır deyəsən iqbal. Qarşıma çıxarsa burda şahzadə, Açaram qəlbimi o pərizadə. Nə qədər xoşbəxtəm bu təsadüfdən! Bu gün qızı görüb danışmasam mən — Bir daha onunla görüşmək müşkül. Yar gəlir, ey küskün arzularım, gül! Dönməz — (Fəramərzə) Daha nə əmrin var? Fəramərz — Burda dayanma, Poladı tapdırıb göndər yanıma. Siz məni bir qədər azad buraxın, Bir az ayıq olun, atlara baxın, Çalışın verməsin bir hadisə baş. Dönməz — Dönməz ölməmişdir, əmin ol, qardaş! (gedir). Fəramərz — (Tək qalır və Kür sahilinin gözəl təbiətini tamaşa edib danışır). Fəramərz — Mə’cüzləri təsvir edə bilsəydim əgər mən, Min şe’r yazardım bu tamaşalı səhərdən. Etsəydi bu sevdalı xəyalım mənə yardım, Hər mənzərədən bir yeni dastan yaradardım. Bilsəydi könül sirrini zümrüdlü yoxuşlar, Gülməzdi mənim eşqimə sevdazədə quşlar. Bir şairin ilhamına olsaydım həmahəng, Dünyalara şe’rimlə verərdim yeni bir rəng. Dilsiz meşənin sirrini etsəydim əhatə, Min tablo çəkərdim bu müəmmalı həyatə. Şahzadə Maralın şikar yoldaşları silahlı olaraq oxuya-oxuya gəlirlər. Fəramərz çəkilir ağacların arxasına. Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb, Hər daşının kölgəsində bir qaragöz ceyran yatıb. Kölgələnir gözəllərin al günəşin çətrində, Çimir gözəl gəlinlərin qızıl gülün ətirində. Göydən uçan durnaların karvan salır başın üstə, Kəkliklərin qaval çalır qərənfilli daşın üstə. Qızlar dəstə ilə gəlib keçir, Maralın yoldaşı Çeyran təpənin üstündə görünür. Fəramərz — (Çeyranın gözəlliyinə heyrət edir) Cilvələndi gözümdə xəyal pərisi yenə, Günəşmi şəfəq atmış güzgünün üzərinə? Bir şair xəyalımı varlığımı titrədən Nurdanmı yaranmışdır o pirəhən, o bədən? Ulduzlarmı kürrədən qopub yanıma düşdü? Torpağımız aylamı bir-birinə toqquşdu? Nədir mənim gözümü qamaşdıran bu rö’ya? Günəşin qoynunamı çəkilir qoca dünya? Bəlkə təsəvvürlərim nəzərimdə canlanır, Gözümün kiləsində nurdan bir məşəl yanır? Çeyran — (Təpənin başında durub Fəramərzə tamaşa edir) Nə qədər möhtəşəm baxışı vardır Bu nə yaraşıqdır, bu nə vüqardır? Tunçdanmı yaranmış o bədən, o əl? Kimin heykəlidir bu polad heykəl? İgidlik süzülür hər nəzərindən, Sanki qoparacaq dağı yerindən. Əcəb dilrübadır boyu, buxunu, Atsaydı havaya o bir oxunu, Tutardım havada kələbək kimi, Köksümə sançardım bir çiçək kimi. Çeyran yavaş-yavaş təpədən enən Fəramərzin yanına gəlir. Çeyran — Ay oğlan, burada nə axtarırsan? Fəramərz — Gözəl qız, nə üçün xəbər alırsan? Çeyran — İstərəm deyəm ki, meşə qoruxdur, Yəqin ki, fərmandan xəbərin yoxdur. Fəramərz — Fərmanı kim vermiş, söylə gözəl qız? Fərmandan xəbərdar deyiləm hərgiz. Çeyran — Adım gözəl deyil, sadə Çeyrandır. Fəramərz — Çox gözəl, de görüm o nə fərmandır? Çeyran — Bu yerlər Maralın şikarkahıdır, Özü də gözəllər padişahıdır. Şahzadə şikara çıxdığı zaman, Qalmasın meşədə gərək bir insan. Camalını görmək deyildir mümkün, Aya layiq gəlir, günəşə üstün. Çöhrəsi çiçəkdən daha təmizdir, Birçə eybi var ki, inadlı qızdır. Tavus quşu kimi yaraşıqlıdır, Sevməz kişiləri, çox acıqlıdır. Nə qədər yalvarsan eşitməyəcək, Fəramərz — (gülür) Demək ki, məni də məhv eləyəcək. Çeyran — Nə qədər gəlməmiş şahzadə Maral, Çıx, get! Fəramərz — Baxım görüm nə deyir iqbal. Çeyran — Çıx get, səni burda görməsin Şahmar. O da bir rəhmsiz, o da bir murdar. Çeyran gedir. Fəramərz onun dalınca baxır. Fəramərz — Nə qədər mehriban, nə qədər sadə! Mələkmi görünür mənə dünyadə?! Kimə müyəssərdir bu hüsni-surət? Mə’sum baxışından yağır ülviyyət. Mələkdir bir insan şəklinə girmiş, Günəşdən torpağa salam gətirmiş, Kimin sənətidir bu gözəl əndam? Təbiət nə qədər mahir bir rəssam! Şahzadə Maral şikar libasında olaraq qızların müşayiətilə gəlir, qızlar əvvəlki mahnını təkrar edirlər. Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb, Hər daşının kölgəsində bir qaragöz ceyran yatıb. Fəramərz — (Maralı görürkən) Ayın bacısıdır, günəşin qızı, Gözündən doğmuşdur Zöhrə ulduzu. Şikara çıxmışam şərəfli gündə, İqbal qanad çalır başım üstündə. Maral — (Fəramərzə yaxınlaşıb onu diqqətlə nəzərdən keçirir) Bu gün göndərmişdim meşəyə fərman, Demişdim gəzməsin burada insan. Nə üçün qəsd etdin öz həyatına, Saldın fərmanımı ayaq altına? Fəramərz — (Ona baş endirir) Ölümlə qorxutma, ölümlər məncə, Bir mübariz üçün sadə əyləncə. Ölümlə çox vurdum pəncə-pəncəyə, Adət eləmişəm bu əyləncəyə. Maral — Qoy qalsın özünə şöhrətin, adın, Mən dəxi deyiləm sadə bir qadın. Özünü bir bunca tə’rif eyləmə, Qız, qadın görəndə şa’nından demə. Nədəndir bilmirəm bu məğrur başlar, Qıza rast gələndə fəlsəfə başlar? Varından söz açar, gücündən deyər, Altun dağlarından söhbət eyləyər? Səndən söz soruşdum mənə cavab ver. Burda nə gəzirsən, qoruqdur bu yer?! Çeyran — (Marala) Yox imiş xəbəri haman fərmandan, İnsan bilə-bilə keçərmi candan? Maral — Özü çox məğrurdur, çox da dikbaşdır. Fəramərz — (Tə’zim edir) Hüzurunda duran bir vətəndaşdır. Mən bir yolçusuyam bu xoşbəxt yolun, Hələlik oturub qonağım olun. Bu körpə ceyranın ətindən bir şiş, Kabab çəkib yemək günah deyilmiş. Maral — Qoy qalsın özünə kababın, ətin, De görüm sən məni kimə bənzətdin? İndi igidlərə verərəm fərman, Qalmaz sümüyündən, ətindən nişan! Fəramərz — Bu sözlər yaraşmır o dodaqlara, Ölüm sözü hara, o dodaq hara? Həyat suyu axıt o dodaqlardan, Gülsün kainatın sən gülən zaman. Ölümdən qorxsaydım bura gəlməzdim, Ölüm səhrasında çox zaman gəzdim. Ceyran — (qızlara) Baxın kimdə vardır belə bir cür’ət, Ölüm bunun üçün sadə bir söhbət. Maral — (Fəramərzə diqqətlə baxandan sonra) Olma bir bu qədər gücünə məğrur, Səni diz çökməyə edərəm məcbur! Fəramərz — And olsun o gözə, o xətti-xala, Bu baş əyilməmiş bir kəsə hala. Atalar yanında əyilər bu baş, Bir də səcdəkahım o gözdür, o qaş. Şahmar — (səslənir) A hey, tez çəkilin, meşə qoruxdur, Burda dolanmağa icazə yoxdur. Şahmar Maralı və Fəramərzi görüb özünü itirir. Maral — (Şahmara açıqlanır) Çəkil, get buradan, qışqırma əbəs, Ehtiyatsız murdar, yerindir məhbəs! Kimdir bu yabançı?! Şahmar — Deyərəm bilsəm. Hərgiz tanımıram Yəzdanə qəsəm. Fəramərz — (Tə’zim edir) Yabançı deyiləm mən bu yerlərdə, Maral izləyirəm bu meşələrdə. Yabançı deyiləm, eşqə, sevgiyə, Çoxdan sərgəştəyəm bu gözəlliyə. Heç kəs inciməsin bu təsadüfdən, Bir təsadüf üçün bura gəldim mən. Maral — Heç kəsin kamınca oynamaz dövran, (daşları göstərir) Yaxşı bax, pəhləvan başıdır hər yan, İgidlər döşüdür dayandığın yer. Çox da lovğalanma, mənə qulaq ver! Dağ olsan bir zaman əyilər başın, Ağır ol, üstünlük fikrindən daşın! Fəramərz — (yenə də ona tə’zim edir) Bilirəm kamımca oynamaz dövran, Ancaq bir gün belə yaşasa insan, Üstün gəlməlidir öz həyatında, Yoxsa qalacaqdır ayaq altında, Bu hissi ehtiyac vermişdir bizə, Üstünlük üçündür hər mübarizə. Mübariz olmayan məhv olacaqdır. Ceyran — (kənarə) Bax nə kamallıdır, bax nə qoçaqdır! Ruhumu dindirir danışan dəmdə, Get-gedə yerləşir əksi sinəmdə. Maral — (Fikirli başını qaldırıb Fəramərzə baxır) Sür’ətlə gedərkən arxana dön bax, Səndən böyükləri yemiş bu torpaq. Çoxlar bu meydanda sürmüş atını, Qırmış bu ruzigar qol-qanadını. Qarşında duran daş sanma ki, daşdır, Onların hər biri məğrur bir başdır, Pəhləvan böyüdür gördüyün çamlar, Fəramərz — Gözəl qız, yersizdir belə eyhamlar. Doğrudur öləcək bu yaranmışlar. Onlar ki, dünyada ad qazanmışlar, Cismən məhv olsa da yaşayacaqdır, Ad qazanmayanlar məhv olacaqdır. Sən də bu dünyada çalış bir ad al, Hər kəs gözəl olsa desinlər maral. Maral — (Şahmara) Dayanma, ver xəbər, gəlsin igidlər, Bilmirəm bu azğın nə demək istər? Ceyran — (yalvarır) Şahzadə, məhv etmə bu vətəndaşı, Cəzalar yersizdir sevgiyə qarşı. Yalvarıram sənə ərzimi dinlə, Sevgiyə cavab ver təmiz sevginlə. Söylə nə qəzəbdir, söylə nə kindir? Günahkar sənin öz gözəlliyindir. Polad — (gəlir) Söylə nə əmrin var, möhtərəm sərdar? Fəramərz — Məndən soruşmağa nə ehtiyac var?! Odun hazır elə, kababları çək, Bir azdan igidlər qonaq gələcək. Bir süfrə düzəldək bulaq üstündə, Boş durmaq haramdır belə bir gündə. Polad — (şadlanır) Elə mən özüm də bunu istərdim, Kabab yeyəcəyəm daha nə dərdim!.. (gedir) Maral — (Fəramərzə) Sözümə cavab ver, kimsən, hardansan? Fəramərz — (baş endirir) Bərdə kəndlisiyəm, sadə bir insan. Maral — (gülür) Adını söylərdin əsil olsaydın, Hələlik kimliyin deyildir aydın. Fəramərz — Eşqinlə keçilməz hasarlar yıxdım, Babil qəl’əsinin bürcünə çıxdım. Aylarca yatmadım, enmədim atdan, Köhlən atı vurub keçdim Fəratdan. Nineva qəl’əsində tufan buraxdım, Arran bayrağını Dəclədə taxdım. Dönməz — (gəlir) Atlar dayanmışdır yəhər altında. Fəramərz — Mənim həyatımın xoş saatında, Dayanın bir qədər, nə tələsməkdir, Şikar qurtardımı, bu nə deməkdir?! Dönməz gedir. Maral — (Fəramərzə) Çox ovçu görmüşəm burda sənin tək, Çıxıb get buradan inaddan əl çək. Haradan qazandın bu zərbi şəsti Aləmin lovğası, xəyalpərəsti! Fəramərz — Sünbül saçlarını düşünən zaman, Saldım kəməndimə necə pəhləvan. Zövq aldı kamanım haman qaşlardan, Aman səsi gəldi məğrur başlardan. Kipriyin düşəndə yadıma hər an, Şimşəklər yaratdı bu ox, bu kaman. Maral — (qızlara müraciət edib gülür) Çıxmış qarşımıza bir kənd aşiqi Qızların hamısı gülür. Ceyran — Hər kəs olur-olsun var yaraşığı. Maral — (Fəramərzə) Bütün söhbətlərin bir əfsanədir, De görüm bunlardan məqsədin nədir? Fəramərz — Bütün həyatımı, eyşimi atdım, Sənin qardaşına ad-san yaratdım. Padişah vermədi mənə mükafat, Unudulmayacaq bu təhqir, heyhat! Maral — Nə kimi mükafat həvəsindəydin? Fəramərz — Qoy deyim, sazımın telinə dəydin. Maral — (yoldaşlarına) Demədim aşiqdir, söz toxuyandır? Ceyran — Hər kim olur-olsun gözəl oğlandır. Fəramərz — Bir maral izincə dolanıb gəzdim, Yorulmaq bilməzdim, ağrı bilməzdim. Lakin zəhmətlərim səmərsiz qaldı, Qardaşın elçimi boş yola saldı. Maral — Elçindən olmayıb xəbərim hərgiz Ad-sansız bir kəndçi sevə bilməz qız. Bu xəyal çoxların başında vardı, Kimlər bu arzudan xeyir apardı? Çoxlar məhv olmuşdur bu xam xəyaldan, Kam ala bilməmiş yenə Maraldan. Qəlbindən silib at bu düşüncəni, Tövbə et, məhv edər bu xəyal səni. Fəramərz — (gülür) «Sevgidən tövbə qıl», təzə bir xəyal! Bunun cavabını dəlilərdən al. Maralın çağırdığı igidlər gəlir. Maral — (igidlərə) Aparıb bu kəndçi cəzalandırın, Mənim kimliyimi buna qandırın! (Dəmirə) Dəmir, durma bunun qolunu bağla! Dəmir Fəramərzə yaxın gələrkən Polad ağacların dalından çıxır. Polad — Polad ölməmişdir, əlini saxla! Qolunu tut bura, boş haramzada! İgid görməmisən hələ dünyada! Dəmir Polada hücum edərkən Dönməz və başqaları ağacların arxasından çıxırlar. Maralın adamları onlara hücum edir. Dönməz — (Qılıncını çəkib irəli keçir) Silahlı tülkülər, çəkilin geri! Fəramərz — (Onlara) Deyil bu şikarkah vuruşma yeri! (hamısının əlindən qılıncları alıb Polada verir) Kababları çəkin, qonaqlar gəlmiş, Götür bunları da bəlkə azdır şiş. (Qılıncları atır Poladın tərəfinə) Maral — (Qılıncı çəkib Fəramərzə hücum edir) Məni bənzətməyin o qorxaqlara. Fəramərz — (Onun əlindən qılıncı alır) Qılıncsız vurursan qəlbimə yara! Mən bura gəlmədim bir düşmən kimi, Gəldim açıb deyim öz ürəyimi. Bu əsnada Fəramərzin əmisi oğlu Qorxmaz gəlir. Qorxmaz — (Marala) Möhtərəm şahzadə bu Fəramərzdir, Bu da qardaşıdır, igid Dönməzdir. Eşit nişan verim bu qəhrəmanı, Budur fəth eləyən Babilistanı. Bununla fəxr edir ölkəmiz Arran, Budur qəl’ələrin bürcünü yaran. Ceyran — (Sevinir) Nə gözəl təsadüf, nə tarixi gün!! Fəramərzi görmək olurmuş mümkün. Fəramərz — (Marala baş endirib qılıncı özünə qaytarır) Qılıncsız da sənə oluram təslim, Gəldim dost yolunda qurban kəsilim. Maral — (Fəramərzə) Adınla, sanınla maraqlanırdım, İgid olduğuna çox inanırdım. Olmuşdur bu yurda böyük xidmətin, Lakin çox yersizdir son hərəkətin. Nə qədər yüksəkdir eşqin tələbi, O qədər möhkəmdir bu qızın qəlbi. Qəhrəman da olsan, igid də olsan, Sevgi qarşısında ağlayacaqsan. Maral qızlara qoşulub gedir, qızlar əvvəlki mahnını təkrar edirlər. Qızlar — Arran, sənin hər tərəfin al-yaşıla, gülə batıb, Hər daşının kölgəsində bir qara göz ceyran yatıb. Kölgələnir gözəllərin al günəşin çətirində, Çimir gözəl gəlinlərin qızıl gülün ətirində Fəramərz — (Maralın dalınca baxıb gülür) Sevgin məni güldürməsə də ağlada bilməz, Səhv etmə, Fəramərz o tərəzidə çəkilməz. Gedir. Ceyran — (Fəramərzin dalınca) Sevirsən, min kərə təhqir edilsən, Haman tərəzidə çəkiləcəksən. Pərdə * * * İkinci pərdə İkinci şəkil Astiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır. Sərtac — İki şeydir məni maraqlandıran, Birisi Maraldır, o biri Arran. Maral cavahirdən çox qiymətlidir, Arransa zəngindir, bərəkətlidir. Dünya göz tikmişdir bu xəzinəyə, Bir də ki, Maralla evlənim — deyə, Çoxlar bu ölkəyə atını sürmüş, Minlərcə ehtiras bura yükürmüş. Çoxlar Maral deyib xəyala daldı, Çoxların arzusu könüldə qaldı. Şahlar, hökmdarlar boş gəlib getdi, Çoxlar Maral üçün ordu yeritdi. Maral, Maral deyə qanlar töküldü, Axırda Sərtacın iqbalı güldü. Bütün sevgilərə törətdim əngəl, Qoymaram Marala toxunsun yad əl. Şahmar — (Daxil olub o tərəf, bu tərəfi gözdən keçirir) Möhtərəm ağamız, təzə bir xəbər! Sərtac — Çox yavaşdan danış, həm də müxtəsər. Saray təbiəti başqadır Şahmar, Burda əlli qulaq, əlli də göz var. Gözətçi qoyulmuş bu göz o gözə, Yüz mə’na taxılır sadə bir sözə. Hər kəsdə yüz sima, yüz əqidə var. Şahmar — Ağam, girə bilər hər dona Şahmar. Sərtac — Macəranı sevir burada hər kəs, Macəran yoxdursa danışma əbəs. Şahmar — Macəra yaratmaq gözlərim ustə! Məndən fitnə istə, macəra istə. Sərtac — De görüm baş vermiş nə qəribə hal? Şahmar — Şikara çıxmışdı şahzadə Maral, Fəramərz də gəldi dünən meşəyə Şahzadə Maralı sevirəm, — deyə. Etdilər meşədə çox uzun söhbət, Nəticəsiz qaldı haman məhəbbət. Sərtac — (Sevinir) Afərin! Bu xəbər gözəl xəbərdir, Lakin bu həqiqət başqa təhərdir. Kiçik hadisədir bu dediklərin, Mə’naca böyükdür, özü də dərin. Bizdən asılıdır onu böyütmək. Şahmar — Bunu anlamadım, söylə nə etmək? Sərtac — Hadisələr bu cür baş verir Şahmar, Böyüdüb kiçildir onu sənətkar. Burda var milçəkdən fil düzəldənlər, Bə’zən də filləri milçək edənlər. Zahirə aldanma, həqiqətə bax, Meşədə düzəltmiş onlar yığıncaq. Tac-taxt söhbəti etmişdir onlar, Sui-qəsd düzəldir şaha mə’lunlar. Bildin ki? Şahmar — Anladım məqsədin nədir. Sərtac — Gözəl macəradır, əcəb fitnədir. Daha kim var idi saray xalqından? Şahmar — Coşqun danışırdı orada Ceyran. Sərtac — Daha kim var idi, unutdun bəlkə? Şahmar — İştirak edirdi orda məlikə. Sərtac — Yenə də unutdun, düşün bir daha. Şahmar — Sui-qəsd hazırlar məlikə şaha. Məlikə sevmirmiş şahı nədənsə, Yoldan çıxarmışmı onu bir kimsə? Sərtac — Afərin, varındır böyük məharət. Boyuna biçilmiş bu gözəl sənət. Şahmar — Az-çox hünərim var mənim bu işdə, «Fəsad» deyərdilər mənə keçmişdə. Sərtac — Bir qədər işləsən gizlin sənətdə, Dövlət qazanarsan belə xidmətdə. Şahmar — Mənə verdiyin pul boş yerə getməz, İnan yaxşılığın yanımda itməz. Sərtac — Sən özün çox gözəl verdin imtahan, Çağır gəlsin görüm nə deyir Ceyran? Söyləmə nə üçün edirəm də’vət. Şahmar — Bir şey verəcəkmi mənə bu xidmət?! Sərtac — Zəfər qazanacaq bu gözəl birlik. Şah olsam verərəm sənə vəzirlik. Şahmar — (gülür) Vəzirlik söhbəti nisyə bir işdir, Bu cür və’dələrin vaxtı keçmişdir. Sərtac — (bir kisə qızıl verir) Al, yetər hələlik sənə bir kisə! Şahmar — (baş endirib gedir) Mən edən xidməti etməz bir kimsə. Sərtac — (tək qalır) Ceyran təklifimi qəbul eylərsə, Razılıq verərsə bu günkü dərsə, Bu gün həll olunar bütün məsələ, Şahı bir kos kimi alaram ələ. Şah öz qadınını qovar saraydan, Onu evləndirrəm aysorilərdən. Ondan sonra çatar Marala növbət, Ona evlənərəm, gülər məhəbbət. Şahmar — (gəlir) Ağam, müntəzirdir hüzura Ceyran. Sərtac — Onu burax gəlsin, özün də dayan! Ceyran daxil olub Sərtaca baş endirir. Sərtac — Şahın mərhəmətindən daşa-qaşa büründün, Qumaşlarla bəzəndin, tavus quşuna döndün. Əyninə don geyirsən Şirvan ipəklərindən, Göz qamaşır donunun altun pərəklərindən. Gözəllikdə ən böyük gözəlləri izlədin, Bəs nə üçün dünənki xəyanəti gizlədin? Ceyran — (Həyəcanla) Hansı xəyanəti gizlədim, aman, Bəndənə kömək ver ey böyük Yəzdan! Xilas elə bizi əhrimənlərdən, Kəsmə himayəni yazıq bəşərdən. Sərtac — (nəsihət verir) Xeyrə çalışıram, olma çox sərkəş, Bəlkə unutmusan, yaxşı fikirləş! Söylə! Yığıncaqda nə danışıldı? Hansı məsələdən söhbət açıldı?! Ceyran — (yalvarır) Rəhm et, olmamışdır belə yığıncaq. Sərtac — Hər sözü eşitməz, qızım, hər qulaq. Çətindir hər işi görüb eşitmək, Təbiət belədir, qızım, nə etmək?! Qulaq ver, bilmirsən mən deyim öyrən. Meşədə olmusan bir gün əvvəl sən. Ceyran — Tək mən olmamışam, Maral da olmuş. Sərtac — İşə buradan da əsas qoyulmuş. Maral Fəramərzlə görüşə getmiş, Şahın qadını da iştirak etmiş. Fəramərz Arranda olacaqdır şah. Ceyran — Bu nə iftiradır, anlamıram ah! Tövbə, necə söylər yalanı insan? Söylə nə üçündür bu qara bühtan? Olmamış meşədə heç bir danışıq. Sərtac — Yalan danışırsan, özü də açıq! Ceyran — Fəramərz Maralla görüşən zaman, Eyləmişdir ona eşqini e’lan. Olmamış meşədə məlikə hərgiz, Sərtac — Nə xəta törətdin, ey ağılsız qız?! Şahı öldürməyi öhdənə aldın, Ağılsız başını əngələ saldın. Fəramərz şah olur, Maral məlikə, Qalır sənin üçün quru təhlükə. Ceyran — (Şahmara) Sən ki, oradaydın, niyə dinmirsən? Şahmar — Göyə də çıxasan, yerə də girsən, Gizlədə bilməzsən bu həqiqəti. Ceyran — Gözünə toxunsun haqqın lə’nəti! Bu nə xəyanətdir, bu nə bühtandır?! Şahmar — (Sərtaca) Daha sözüm yoxdur, gəl bunu qandır! Sərtac — (Ceyrana) Girmədi başına bu nəsihətlər, Çıx get! Bu inadın səni məhv elər. Şahmar və Ceyran gedir. Sərtac — (Ceyranın dalınca) Nə qədər sadədir, nə qədər nadan, Bilmir ki, sarayda haramdır vicdan. Anlamaz kənizin əqlinə bir bax. Şeytan yuvasında iman saxlamaq. (gülür) Fəlakət gətirər sədaqət bə’zən, Ağıl olan kimsə eyləməsin e’lan, Oğrular içində yaşasın düzlük, Düzlüyün özü də insana bir yük. Astiaq — (danışa-danışa gəlir) Sağımda iğtişaş, solumda üsyan, Hər tərəfdə qırğın, dizə çıxır qan. Akadlar, askitlər qaldırıbdır baş, Mən doğulmayaydım anadan ey kaş. Ey tanrı, bu bəndən köməyə möhtac, Yoxsa mənim deyil başımdakı tac? Daşdan daşa çırpır bu həyat məni, Necə məğlub görüm qalib ölkəni? Sərtac — Üsyan xəbərini məndən xəbər al Bunları düzəldir şahzadə Maral. Astiaq — Təhlükə qoynunda yaşayıram mən, Sarayda hakimdir yoxsa Əhrimən? Saray başdan-başa kədərdir, qəmdir, Səfalı cənnətim bir cəhənnəmdir. Zərdüştün lə’nəti mənə toxundu, Tacım bir od olub başıma qondu. Bir yoxsul olsaydım, yaşasaydım ac, Əzməzdi başımı mənim mə’lun tac. Saxlamaq müşküldür, əl çəkmək çətin, Bir sonu yoxdurmu bu əziyyətin?! (Sərtaca) Bacım nə istəyir? Sərtac — Qoy deyim bir-bir, İnan hökmdarım sadiqdir vəzir. Astiaq — Sədaqət qoy qalsın, nədir o xəbər? Sərtac — Xəbərin məzmunu, qısa, müxtəsər: Meşədə düzəlmiş geniş yığıncaq Təfsilən bilmirəm bunu mən ancaq, Şahmar bu xəbəri bilir təfsilən, Ayıq ol, səltənət getməsin əldən. Astiaq — Bir az açıq danış, anlamadım, ah! Sərtac — Fəramərz Arranda olacaqdır şah. Astiaq — Çağır gəlsin görüm nə deyir Şahmar. Sərtac — İtaətim vardır böyük hökmdar! (gedir) Astiaq — (öz-özünə) Maral doğma bacımdır, hər kəsdən mənə yaxın. O da mənim düşmənim, iqbalıma bir baxın. Hər tərəfim düşməndir, hər yanım da qorxudur, Bu həyat mənim üçün bir qorxulu yuxudur. Taxtım müdhiş bir məzar, saray qorxulu məhbəs. Böyük Yəzdan nədir bu, eşitdiyim qara səs? Sərtac — (Şahmarla bərabər gəlir) Hər nə ki, görmüsən danış yerbəyer, Artıq əksiyinə yaxşı diqqət ver. Gördüyünü danış kəlməbəkəlmə Həqiqəti söylə, üstünə gəlmə! Çalış bir kimsəyə iftira demə, Vicdan məhkəməsi ağır məhkəmə. Qəlbindən qərəzi, kini təmizlə, Zərdüşt göstərdiyi yolları izlə! Şahmar — (hökmdara təzim edir) Sadiq nökərinəm hökmdar, inan! Ömrümdə gəlməmiş dilimə yalan. Yoxdur kimsə ilə qəsdim, qərəzim — İnan səmimidir sənə bu ərzim. Astiaq — (hövsələsi tənk bir halda) Sözü qısa danış, uzatma ancaq. Şahmar — (baş endirir) Meşədə var idi dünən yığıncaq, Yığıncaqda olan sərkərdələrdi, Hər kəs Fəramərzi təbrik elərdi. Sərtac — (kənara) Bir baxın düşmənlər nə hiylə qurdu, Kimə qismət olur Fərhadın yurdu. Vicdanı, namusu, arı atdılar, Tacı kimdən alıb kimə satdılar. Astiaq — (həyəcanla) Daha nə eşitdin? Sərtac — (Şahmara) Çəkinmə hərgiz. Şahmar — Kəskin danışırdı orda iki qız. Astiaq — (tələsik) Qızlar kim idi? Şahmar — Ceyran və Maral. Astiaq — Bir xəyal da olsa müdhiş bir xəyal! Daha kim var idi? Sərtac — (kənara) Böyük təhlükə! Şahmar — (Baş endirir) Ancaq bunlar idi, bir də məlikə. Ceyran verməlidir zəhəri şaha Astiaq — (İşarə edib Şahmarı dayandırır) Danışma, ürəyim partlayır daha. Sərtac — (Şahmara) Danışma bir kəsə dediklərini. Bir kimsə bilməsin bu xəbərini. Astiaq — (açıqla baxır) Vuraram Fəramərzə bir sağalmaz yara mən, Çəkdirərəm bacımı saçlarından dara mən. Dayanma daha Şahmar çağır gəlsin bacımı, Görüm kimlərə satır mənim taxtı-tacımı. Aman bu nə xəyaldır, düşür ruhuma lərzə, Gedib mənim adımdan xəbər ver Fəramərzə. Silah götürüb gəlsin, sığınaq burda baxta Hər kəs qalib gələrsə o da otursun taxta, Gətirsinlər yanıma Ceyranı döyə-döyə! Sərtac — İnanmıram həyasız doğrusunu söyləyə. Astiaq — Qovaram sarayımdan o xain məlikəni Nə qədər ki, mən sağam, sata bilməz ölkəni, Sərtac — Tələsməyin, bir qədər səbr eləyin hökmdar, Üsyanı boğmaq üçün ancaq iki çarə var. Askitlərin hərbinə Fəramərzi göndərin, O səfər daha müdhiş, o məzar daha dərin. Astiaq — Getməz daha Fəramərz o qorxulu səfərə, Maral sənindir deyə, aldatdım neçə kərə. Sərtac — Getməzsə kömək istə şahım aysorulardan, Üsyan dayanmayacaq tökülməsə burda qan. Astiaq — Qoy öz xalqım başımı kəsib nizəyə taxsın, Meyidimi qurdlara, köpəklərə buraxsın, Lakin yabançı ordu at sürməsin Arrana Yadlara əzdirmərəm xalqımı qana-qana. Sərtac — Bu qorxulu xəbərlər gərək gizlində qala, Bu barədə bir kəlmə danışmayın Marala. Astiaq — Bu tədbirlər yaramaz, çağır Bəhməni, Sərtac! Tacı saxlamaq üçün o tapar mənə əlac. Sərtac — (gülür) Yüz əlli beş yaşı var, Bəhməndə nə qalmışdır? Şahım, onun fikri də, əqli də qocalmışdır. İnanma köhnə başda təzə fikir yerləşə, Bir qoca nə eyləsin bu qanlı keşmə-keşə? Astiaq — Bəhmən Fərhad dövrünün ən məşhur vəziridir, Qocalsa da, ölsə də tədbirləri diridir. Yanılma! O qocada dərin təcrübə vardır, Siyasətdə uduzmaz ən böyük sənətkardır. Sərtac — Bu gün-sabah ölkədə böyük tufan qopacaq Biz bu günün özündə gərək sərhədi açaq. Astiaq — (açıqlanır) Danışma, əmr edirəm, gedib Bəhməni çağır! (Öz-özünə) Təxtim nə qədər müdhiş, tacım nə qədər ağır. (gedir, səhnə boş qalır) Ceyran — (Dəmirlə bərabər gəlir) Durma, Fəramərzə tez apar xəbər Saraya gəlməsin öldürəcəklər. Söylə bir macəra düzəltmiş Sərtac Nə qədər gec deyil bu ölkədən qaç. Tez get, bu xəbəri təxirə salma! Dəmir — (sür’ətlə gedərkən) Bu saat gedirəm, nigaran qalma! Ceyran — (tək qalır, başını sarayın divarına söykəyib dayanır) Xoşbəxt sayılardım onunla bir gün, Oturub danışmaq olsaydı mümkün. Açardım qəlbimi o qəhrəmana, Alardı buradan məni bir yana. Bu qorxunc saraydan olardım azad, Onu sevə-sevə ömr edərdim şad. Mən də xoş gün görüb, mən də gülərdim, O məni sevsəydi daha nə dərdim. (gəlib güzgüyə baxır) Mən ondan gözələm, lakin nə fayda. Kəniz səsləyirlər məni sarayda. Şahmar — (iki nəfərlə daxil olur) Bağlayın bu xain qızın qolunu, Durmayın aparın zindana bunu! Ceyran — (qollarını irəli tutur) Bağlayın, nə etsin köməksiz bir qız Siz bunun üçün də yaranmışsınız. Aparırlar. Sərtac — (Pərdənin dalından çıxır) Saraylar qan sevir, siyasət qurban, Saatda bir dona girməsə insan — Həyat sürə bilməz sarayda rahət. Fəlakət gətirir bəzən sədaqət. Astiaqın səsi gəlir, Sərtac keçir pərdənin dalına Astiaq — (Qadını Behnaza) Sənin qədəminlə gülmədi bəxtim, Təhlükə altında qalıbdır təxtim, Nələr çəkməmişəm sən gələn gündən, Görmüşəm min kədər kədər üstündən. Rəftarın, göftarın məni qılmaz şad, Düzəltdin nəhayət sarayda fəsad. Nə yamanlıq gördün bu hökmüranda, İştirak elədin gizli üsyanda? Sənə evlənmişəm mən sevə-sevə Sən də məni sevib gəldin bu evə. İndi danış görüm nədir bu üsyan? Verdin öz ərinin qətlinə fərman. Behnaz — (təəccüblə) Nədir bu macəra, nədir bu fitnə, Kimin sənətidir bu böhtan yenə? Sevirəm səni mən ürəkdən, candan, İnan xəbərim yox, gizli üsyandan. Şadlığınla şadam, qəminlə qəmgin, Yoxdur sənə qarşı ürəyimdə kin. Bir qədər fikirləş, nədir bu təhqir? Bu açıq macəra, bu qara tədbir— Böyük fəlakətin zəminəsidir, Fəlakət səsidir, ölüm səsidir. Bir qədər zəifdir sənin iradən. Astiaq — Dostumu çox gözəl tanıyıram mən, Şad etmədi səni bu var, bu dövlət, Taparsan özünə cənubda rahət. Qiymət verməmisən bu daş-bu qaşa Çıxıb get bir qədər cənubda yaşa. Behnaz — Daş-qaşa vermirəm o qədər qiymət, Gətirmiş bu evə məni məhəbbət. Gedirəm, özünə qalsın daş-qaşın. (gedir). Astiaq — (Onun dalınca) Xain fikirlərlə doludur başın. Sərtac — (pərdənin dalından çıxır) Şahlığa məxsusdur belə iradə, Deyildir iradən, tədbirin sadə. Əgər istəyirsən böyüsün ölkən, Aysori şahının qızına evlən. Təkcə bir qızı var, yoxdur varisi Ölürsə qalacaq şahıma irsi. Qızına da söz yox hüsn-camalda, Kamala çatmışdır bu qız kamalda. Sərtac Aysori padşahının qızı Bebanın ipək üzərində çəkilmiş şəklini göstərir. Astiaq — (Şəklə diqqətlə baxır) Çox gözəl tədbirdir bu təzə tədbir. Sərtac — (rəsmi lazımınca göstərir) Bu hüsn-camala yaxşı baxın bir. Bu qız bir afətdir Babilistanda, Böylə gül tapılmaz heç gülüstanda. Dəclənin qoynunda doğulmuş bu qız, Gözündə parlayır şəfəqli ulduz. İraq keçəsidir qara saçları, Dərs almış boyundan sərv ağacları. Ləbləri çiçəkdir, nəfəsi ətir, Şahım, bu alması saraya gətir. Astiaq — (diqqətlə baxır) Behnazdan gözəldir yaraşığında. Sərtac — Sanki süd qoyulmuş ay işığında. Bax nəyi anladır şahənə qaşı, Bir cüt qılınc vurub günəşə qarşı. Zərrəcə eybi yox boy-buxununda, Çox şahlar can qoymuş onun yolunda. Hüsndə misli yox, camalda təkdir, Siyasət işində sənə köməkdir. Astiaq — Sabahdan düzəldin böyük bir hey’ət Qızın atasına göndərin xəl’ət. O razılıq versə bu izdivaca, Olacaqdır bizim başımız uca. Sərtac — Məlikən nə olsun?! Astiaq — Orası asan, Gərək bu gün onu yola salasan. (gedir) Sərtac — (Onun dalınca) Bu gün məlikəni qovub yola sal, Sabah döyüşəcək cənubla şimal. Pərdə Üçüncü şəkil Astiaq padşahın toy məclisidir. Qızlar və mö’bidlər dua oxuyurlar. Şah öz ə’yanları və baş mö’bidləri ilə daxil olur. Məclisin bir tərəfində od yanır. Mö’bidlər və qızlar — Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından, Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan. Müqəddəs od, öz nurunla yandır şər’in qanatını, Böyük Hörmüzd, işıqlandır insanların həyatını. Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç, İnsanların ürəyindən behiştə bir pəncərə aç. Dua qurtarır, hamı oda səcdə edib qalxır. Qızlar odun ətrafında müqəddəs rəqs ifa edirlər. Rəqsdən sonra baş mö’bid odun qarşısına pərdə salır. Astiaq — (məclisi gözdən keçirib vəziri Sərtacdan soruşur): Kimdir bu gələnlər?! Sərtac — Bəli hökmdar, Arran ə’yanıdır sağda duranlar, Sol tərəfdəkilər gəlmiş cənubdan, Ekbatandan gəlmiş beş nəfər ə’yan. Astiaq — Bərdədən kim gəlmiş, hanı Fəramərz? Sərtac — Də’vət edilmişdir, nədənsə gəlməz, Oddan üz çevirmiş öz həyatında, Deyildir o sənin hökmün altında. Astiaq — Fəramərz sevmirsə sevməsin məni, Düşmənim də olsa sevir vətəni. Bəhməni görmürəm, Sərtac — Edilmiş də’vət. Gəlməmiş, aydındır mənə həqiqət. Fəramərz, Qorxmaz və Dönməz öz adamları ilə daxil olub otururlar. Astiaq — (qalxıb danışır) Bu müqəddəs torpağı tapşırıb bizə Yəzdan, Doğruluq, qəhrəmanlıq mirasdır babamızdan. Yaxşılıqla tanınmış Zərdüştün qoca yurdu, Bununla da babamız Arran taxtını qurdu. Təmiz qanla açıram mən öz qəlbimi sizə, Bir məlikə lazımdır bizim bu ölkəmizə. Böylə qərar vermişdir Hörmüzdün iradəsi, Olsun mənim məlikəm Aysoru şahzadəsi. Bu qohumluq xalqıma səadət verə bəlkə, Bir də böyük vətənim hiss etməsin təhlükə. Qadınlar, qızlar Astiaqın təzə məlikəsi Bebanı daxil edirlər. Mö’bidlər və qızlar əvvəlki duanı oxuyurlar. Baş mö’bid müqəddəs odun qarşısına salınan pərdəni götürür. Qızlar və mö’bidlər — Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından, Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan. Müqəddəs od, öz nurunla yandır şər’in qanatını, Böyük Hörmüzd, işıqlandır insanların həyatını. Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç, İnsanların ürəyindən behiştə bir pəncərə aç. Qızlar müqəddəs rəqsi bitirdikdən sonra məlikəni Astiaqın taxtı ilə yan-yana qoyulan kürsünün üstündə əyləşdirirlər. Məclisdə olanlardan heç birisi məlikəyə tə’zim etmir, Astiaq çıxılmaz bir vəziyyətdə qalır. Sərtac — (qalxır) Hər kəsin alnından oxunur şadlıq, Yenidən xalqımız tapır azadlıq. Süzülür gözlərdən dərin bir sevinc, Məmləkət bununla yaşayacaq dinc. Basqın olmayacaq Dəclədən Kürə, Xalq əzilməyəcək göz görə-görə. Dostluq yaradacaq təzə izdivac, Hərbə qalmayacaq bir də ehtiyac. Ürəkdən razıyıq bu izdivaca, Layiqdir məlikə bu təxti-taca. Məclisdə olanlar bu sözlərə e’tina etmir, hamı Fəramərzin tərəfinə baxır. Fəramərz — (qalxır) Məmləkətin adından danışmaq daha bəsdir, Mənçə Arran xalqını iğfal etmək əbəsdir. Verməz bu izdivaclar Arran xalqına şadlıq. Siz dünənki düşməndən gözləməyin azadlıq. O daş-qaşa bürünən sanmayın məlikədir, Arran taxtına düşən bir silinməz ləkədir. Astiaq — (Acıqlı) Fəramərz bu nə sözdür? Dediklərindən utan! Nə üçün söyləyirsən qayınatama böhtan?! Qəhrəmansan bilirəm, qılıncdan, oxdan danış, Siyasət işlərilə deyilsən hələ tanış. Fəramərz — Siyasətlə tanışam, bu təntənən, bu toyun, Sərtacın düzəltdiyi ən qorxulu bir oyun. Lakin qazanmayacaq vəzirin bu al-verdə, Böyük Fərhadın qanı qalmayacaqdır yerdə. Şahım, Aysorilərdən almayınca intiqam, Yəzdana and içirəm sakit olmayacağam. Sərtac — (Fəramərzə) Nəzakət yaxşı şeydir, nə təntənə, nə oyun? Dövlət üçün böyük bir mə’nası var bu toyun! İttifaqa girirlər böyük, kiçik dövlətlər, Bir-birinə qoşulur ölkələr, məmləkətlər. Biz qalırıq ortada nunun nöqtəsi kimi. Astiaq — (məclisə) Ey mənim ə’yanlarım, anlayın niyyətimi. Gizlin siyasət yoxdur başladığım işlərdə, Xalqımız yorulmuşdur bu uzun döyüşlərdə. Gərək dinçini alsın bir qədər Arran atı, Zəfər qartallarının dinçəlsin qol-qanatı. Siyasət tələb edir bir qədər qalın dinçə, Kamanları bərkidin, sığal verin qılınca. Fəramərz — Döyüş sənətkarları evində yaşamaz dinc, Tez paslanar, hökmdar, qınında qalsa qılınc. Gərək yəhər altında dursun Arran atları, Pərvaz etməsə qartal süstləşər qanatları. Beba — (Qalxıb danışır) Vaxt ikən bu həqarət düzəlmiş bizim üçün, Gələcək yenə bir gün günəş atəşə üstün. Təhqirlə qarşılandı gətirdiyim azadlıq, Təqdir edilməmişdir sizə verdiyim şadlıq. Fəramərz — Bu da bir təzə xəbər, əsirlikdə azadlıq! Heç kəsə lazım deyil gətirdiyin bu şadlıq. Astiaq — (Qışqırır) Bağlayın qollarını, kəsin bunun səsini, Bir daha hüzurumda çıxarmasın səsini! Qoşun sərkərdələri yerlərindən hərəkət edərkən Fəramərz, qardaşı Dönməz, əmisi oğlanları Qorxmaz və sairlər qılınclarını qınından çıxarırlar. Qızlar təzə gəlini götürüb gedirlər, Sərtac qaçır. Fəramərz — (Astiaqa) Nə qədər var qılıncım, bağlanmayacaq bu qol, Hökmdarım, indi sən, öz qolundan ayıq ol! Satılmayacaq vətən nə qədər var nəfəsim, Qaldıracaq ayağa, Arran xalqını səsim. «Atlan» desəm dolacaq at belinə arranlı, Mən xalqımın dostuyam, deyiləm əli qanlı. Astiaq — Əmr edirəm, Fəramərz, tax qılıncı qınına! Fəramərz — Çoxlar çıxıb sınaqdan, sən də baxtını sına! Maral — (Gəlib qılıncı Fəramərzin əlində görür) Bu saray sənin üçün döyüş meydanı deyil. Maral sənə əmr edir, Fəramərz, geri çəkil! Fərhadın nəvəsiyik, aciz sanmayın bizi, Saraydan dişarı çıx sınayaq bəxtimizi. Fəramərz — Xalq adından deyirəm, lakin tək bir nəfərəm, Lazım gəlirsə bu gün qılıncımı çəkərəm. Saray quldurlarını yıxaram təməlindən Öz xalqımı alaram sərtacların əlindən. Çətindir böyük xalqı ayaq altına salmaq, Baxın, nə qədər gülünc, ölkə verib qız almaq. Fəramərz qılıncı yerinə taxır, Marala baş endirib gedir Astiaq — (Ə’yanlara) Ə’yanlar, siz də gedin, məni rahat buraxın, Böyük Hörmüzd kömək ver, boğur məni bu axın. Sal müqəddəs nurunu əhrimənləri yandır, Ey yaxşılıq tanrısı, bu üsyanı dayandır! Maral — (padşaha) İradəsiz hökmdar, iradəsiz padişah! Olmasaydın sən mənim doğma qardaşım hərkah, Mən də silah götürüb üsyana qoşulardım. Müqəddəslər yığılıb etsə də sənə yardım, İnan, qardaş, yenə də sönməyəcək bu üsyan, Çünki bu üsyanları sən özün yaradırsan. Astiaq — Sənin dediklərin də mənə böyük yaradır, Bacım, sən anlamırsan üsyanı kim yaradır. Verməmişəm səni mən elə bir rəiyyətə, Gözəlliyindir səbəb bu günkü fəlakətə. Bədbəxtəm, dərdlərimdən deyilsən mənim agah, Sənin üstündə küsmüş məndən necə padişah. Maral — Səhv etmə! Fəramərzin yox üsyandan xəbəri, Vəzirindir yaradan bütün keşmə-keşləri. Astiaq — Vəzirim xain deyil, nə etsin sevir səni. Maral — Onun e’tirafıdır yaradan bu fitnəni. Astiaq — Fəramərz məhv olsa da çəkməyəcək səndən əl. Maral — Onu rədd eləsəm də törətməz sənə ənkəl. O deyir yad bir qıza satma bizim ölkəni, Get gətir sarayına öz keçən məlikəni. Astiaq — Gətirrəm məlikəni, lakin bir çətinlik var, Maral — Nə çətinlik de görüm? Astiaq — Səni istər Şəhriyar. Maral — Dünya qurulmamışdır tək Maralın üstündə, Nə üçün bir hərisə satırsan məni gündə? Məni gah Fəramərzə, gah Sərtaca verirsən. Maral sənindir — deyə cəbhəyə göndərirsən. İndi də Şəhriyardır yer tutan nəzərində, Siyasətlər qurulmaz bir qızın üzərində. Astiaq — Şəhriyara verərəm, taxtı var, tacı vardır. Maral — Taxtı-tacı da olsa, aciz bir hökmdardır. Bir iradə görmədim nə onda, nə də səndə, İki aciz hökmdar, Fərhadın ölkəsində, Hökmüranlıq edərmiş... Astiaq — Danışma daha bəsdir! Şəhriyara gedirsən, e’tirazın əbəsdir. Maral və Astiaq gedir, Sərtac başını pərdədən çıxarıb məclisə baxır. Sərtac — Şəhriyarı buradan qovmuşam necə kərə, Yenə də qovacağam, şahzadə getməz ərə. Şahmar — (gəlir) Sizi görmək istər nümayəndələr. Sərtac — Gəlsinlər! Bəhmənə verdinmi xəbər? Şahmar — Bəli, verdim xəbər. Sərtac — Gedə bilərsən. Şahmar — (gedir) İndi gəlsin görüm nə deyir Bəhmən. Şahmat taxtasıdır bu günkü həyat, Çox şahlar səhnədə qalacaqdır mat. Siyasət ən böyük sənətkarlıqdır, Hər kəsdə bu sənət bir az artıqdır Şahmat səhnəsini o pozacaqdır, Siyasət bilməyən uduzacaqdır. Nümayəndələr daxil olurlar. Haman — Biz yola düşürük möhtərəm vəzir, Dostlarına görə fərmanın nədir? Sərtac — Məndən padişaha aparın salam, Onun hər əmrinə vermişəm əncam. Tufan qoparmışam Azərbaycanda, Hər tərəf od tutub yanır üsyanda. Arran məmləkəti dəymiş bir-birə, Fəramərz qoyubdur silahı yerə. Doğrudur, xalq üçün vətən əzizdir, Ordu çox olsa da sərkərdəsizdir. Padişah Bebanı geri qaytardı, Sarayda belə bir düşüncə vardı: Şimala qayıtsın dubarə Behnaz O qayıtmış olsa ixtilaf qalmaz. Padişah istərsə məqsədə varsın Behnazı cənubdan alıb aparsın. Nümayəndələr vidalaşıb gedirlər. Bəhmən — (Daxil olur, Sərtac onu hörmətlə qarşılayır) Hanı bəs hökmdar? Sərtac — Gələr bu saat. Əyləşin bir qədər burada rahət. (Onun qolundan tutub əyləşdirir) Bəhmən — Qocalıq, yorğunluq adi bir işdir, Fikir yorğunluğu daha müdhişdir. Hökmdar çox gəncdir, düşmənsə namərd, Bizdə ittifaq yox, bu da böyük dərd. Milli qürurumuz ayaq altında, Hər kəs laqeyddir öz həyatında. Başlar, əqidələr, rə’ylər müxtəlif, Hər şeydə bir boya, hər şeydə təhrif. Vicdan məhkəməsi düşübdür gücdən, Hər kəs vicdanını satır bir ucdan. Yalançı deyirlər doğru danışsan, Xalq səni anlamaz xeyrə çalışsan. Sərtac — İzdivac pozuldu, bu da təhlükə, Təhqirlə qayıdıb getdi məlikə. Getdi pis xəbərlə nümayəndələr, Aysori şahına yetsə bu xəbər, Nə olar halımız? Bəhmən — Qorxma onlardan. Sərtac — Fəramərz sarayda qopardı tufan, Qılınclar yerbəyer çıxdı qınından, Maral gəlməsəydi tökülərdi qan. Bəhmən — Afərin Fəramərzə, qət’i bir addım atmış, Fikirlərdə, başlarda o bir dönüş yaratmış. Üsyanlar, keşmə-keşlər bitir bununla qismən, Sənin özün də, Sərtac, çox gözəlcə bilirsən Bitmiş aysorilərin cahangirlik dövrəsi, İndi meydana çıxıb Keyxosrov məsələsi. Siyasətlər dəyişir, qoca İran dirçəlir, Qonşumuzda nadinc bir dövlət vücuda gəlir. Sərtac — Möhkəm dura bilsəydi öz sözündə hökmdar, Keyxosrov qarşısında yaradardıq bir həsar. Bəhmən — İttifaq düzəltmişdir aysorilərlə İran, Onların ikisin də döyəcək bir gün Arran. Nə qədər Bəhmən sağdır, uduzulmaz bu şahmat, Əgər sadiq vəzirsən, çalışıb birlik yarat, Sərtac — Sülhpərvər bir vəzir olduğumu bilirsən. Bəhmən — Düşmənindən qız alsan qət’i sülhə də girsən, Arxandan vuracaqdır, ələ düşüncə fürsət. Bir də yadında qalsın söylədiyim həqiqət: Dost olmağa çalışar, acizləşincə düşmən, Dəyiş siyasətini, tanıyıram səni mən. Astiaq — (Ə’yanları ilə bərabər daxil olur, Bəhmənin əlindən öpür) Təcrübən böyükdür təcrübəmizdən, Müşküldə qalmışam, tut əlimizdən. Sənin tədbirinlə babamız Fərhad, Tarixdə buraxmış silinməz bir ad. Sən böyük xidmətlər göstərdin bizə, Ordumuz at sürdü Orta dənizə. Arazdan Dəcləyə, Kürdən Fərata, Babamla bərabər minərək ata — Yenilməz bir dövlət düzəldə bildin. İndi bəs nə üçün geri çəkildin? Vətən tədbirinə, fikrinə möhtac. Bəhmən — Xalqa minnətdardır başındakı tac, Tədbirlə verilir taclara zinət. Daş-qaş ucuz şeydir, yox onda qiymət, Xalqın qüvvətidir tacı yüksəldən. Astiaq — Söyləyin nə edim, ağıllı Bəhmən? Bəhmən — Təslim ol bu xalqın iradəsinə Xalqın səs verməzsə sənin səsinə — Olmaz sənə yardım bu taxtü tacdan, Birisi altundan, biri ağacdan. Xalqına arxa ver o çox böyükdür, Tac nədir?! Baş üçün ağır bir yükdür. Tac deyil başları şərəfləndirən, Başdır taclar üçün böyüklük verən. Astiaq — Keçirəm xalq üçün şirin sevgimdən, Ataram Bebanı öz ürəyimdən. Bəhmən — Çox şirin gəlməsin sənə sevgilər, Bə’zən bal içində verilir zəhər. Baxma ki, gülləri qoxular insan, Güldə də zəhər var ətrini alsan. Astiaq — Başqa məqsəd üçün səni çağırdım, Müşküldə qalmışam ver mənə yardım. Aldatmış Fəramərz nankor bacımı, Sahiblənmək istər taxti-tacımı. Bəhmən — (gülür) Saray macərası, bu mənə aydın, Bunu özlərindən xəbər alaydın. Astiaq — Nəyi xəbər alım, bu bir həqiqət. Bəhmən — Həqiqət donuna girən xəyanət Daha qorxuludur, daha müdhişdir, Bu işlər sarayda düzələn işdir. Taclar ətrafında rəqs edər fəsad, Heç başı bu taclar etməmişdir şad. Müqəssir deyildir bu işdə bacın, Kimlərə lazımdır sənin bu tacın? Yoxdur Fəramərzin xəbəri bundan, Bir hiylə qoxuyur həmin oyundan. Sərtac — Yığıncaq düzəltmiş meşədə onlar, Şahı öldürəcək haman məl’unlar. Astiaq — Xəyanət düşünür mənə o napak, Qadınım da orda etmiş iştirak. Cariyəm də mənə ölüm hazırlar, Sənin bu işlərdən nə xəbərin var? Bəhmən — İçindən çürüyər böyük ağaclar, Sarayda alınıb satılar taclar. Zərərli alverdir bu alış-veriş, Sarayda qurulmuş bu qorxulu iş. Sərtac — Hökmdar, bu sözlər qara bir böhtan, Xaricə diqqət ver, qorxma saraydan. Bəhmən — Çağır Fəramərzi, danışaq burda, Görək düşmən kimdir bu ana yurda. Astiaq — (Sərtaca) Çağır gəlsin görüm nə istər məndən. Sərtac — (Tə’zim edir) Sədaqət gözləmə şahım düşməndən. Astiaq — (Acıqlı) Get çağır deyirəm, danışma əbəs, Bəhmən duran yerdə sən səsini kəs. Sərtac tə’zim edib gedir. Bəhmən — Şahım, yad qızından uzaqlaş, əl çək, Xalqın qeyrətlidir, səni qoymaz tək. Gətir sarayına öz məlikəni, Bununla bağışlar vətənin səni. Astiaq — Lakin inadlıdır şahzadə Behnaz Təhqirlə qovmuşam, daha barışmaz. Bəhmən — Sevgi bir günəşdir, inadsa bir qar, Bir qız nə qədər də olsa inadkar Sevgi qarşısında baş əyəcəkdir İnadsa qar kimi əriyəcəkdir. Sərtac — (Gəlib bu sözləri eşidir) Cənubun nə kimi qiyməti vardır, Keyxosrova qarşı möhkəm həsardır. Bir kökün üstündə göyərmişik biz, Qardaş şəhərlərdir Sabəyel, Təbriz. Onlar sevir bizi ürəkdən, candan. Bir eldir ayrılıb Azərbaycandan. Şahmar — (Gəlib baş endirir) Fəramərz hazırdır, əmriniz nədir? Bəhmən — (Astiaqa) Saxlama qapında onu müntəzir. Çağır hüzuruna səmimiyyətlə Qəlbini ələ al böyük hörmətlə. Sərtac — (yalvarır) Amandır hökmdar, güzəştə getmə, Uçasan bu qədər tənəzzül etmə! Bununla hökumət yaşamaz heyhat, Düşmənə cəza ver, dosta mükafat. Bəhmən — (Titrəyə-titrəyə qalxır) Dostlar cəzalanır sarayda bə’zən, Ne’mətlər içində bəslənir düşmən, Aslanlar qovular abadanlıqdan, Qalar tülkülərə sarayda meydan. Ceyran yuvasında yatar əjdaha, Devlər fərman verər sarayda şaha, Tacın kölgəsində balalar şeytan, İlan baş çıxarar taxtın altından. Macəranı sevir saray nədənsə, Fitnəsiz yaşamaz sarayda kimsə. Astiaq — (Məclisə) Bəhmənlik ucadır padişahlıqdan, Lakin Bəhmən olmaq deyildir asan, Bu əsnada Fəramərz öz adamları ilə gəlib tə’zim edib dayanırlar. Bəhmən — Şeytan qucağında çırpınır zaman. Hər gün bir fəlakət doğur asiman. Bəşər bir-birinin dizi altında, Ehtiras hakimdir xalq həyatında. Gündə bir hərisin əlində dövran Bu əldən o ələ satılır insan. Döyən də haq deyir, döyülənlər də, Haqsızlıq yox imiş sanki bəşərdə. Səvabə çevrilir bə’zən günahlar, Böyük ruhanilər, mö’bidlər, şahlar, Fərqini qoymadı bu günahların, Biri tac qeydində, o biri qarın. Astiaq — Sevgi üstündədir bütün mə’rəkə, Eşqdən göyərir silinməz ləkə. Eşqdir yağ tökən bu atəşlərə, Yol vermə, Fəramərz, keşməkeşlərə, Üstümə qaldırma bütün ölkəni. Bacım çox məğrurdur, sevməyir səni. Sərtac — Nə edək biz, Maral səni rədd etdi, Göndərdiyin elçi boş gəlib getdi. Qəhrəmansan, sənə qız əskik deyil, Xəyalpərəst olma arzundan çəkil. Fəramərz — Nə sevmək günahdır, nə də sevilmək, Heç kəs deyə bilməz sevgidən əl çək. Günah deyilən şey vətən satmaqdır, Eşidin, mən deyim kimlər alçaqdır. Bir düşmən qızına satılır ölkə, Sənin öz kölgəndir bu qara kölgə. Sərtac — Oxdan, qılıncdan danış, əl vurma siyasətə, Fəramərz — Xainəm göz yumarsam bu günkü xəyanətə. Astiaq — Nə üçün düzəldirsən meşələrdə yığıncaq? Fəramərz — Yaxşı düşün hökmdar, Fəramərz deyil alçaq. Astiaq — Əqlini başına yığ, tac hər başa yaraşmaz. Fəramərz — Uydurma xəbərlərdir hökmdar düşün bir az. Astiaq — Nə üçün düzəlmişdir mənə qarşı bu üsyan? Nə üçün öz şahına zəhər verirdi Ceyran? Sənin bu qara sevgin bütün ölkəni yıxdı. Mələkəm də nəhayət taxtıma xain çıxdı. Fəramərz — (Təəccüblə) Nə taxt, nə tac, nə Ceyran, nə zəhər, nə yığıncaq? (Bəhmənə) Bəhmən, diqqət ver buna, zülmə, xəyanətə bax! Astiaq — Bir kəsə deməmişəm, bu dərd boğurdu məni, Gətirin hüzuruma o xain cariyəni. Sükut başlanır. Ceyranı qolları bağlı, saçları dağınıq bir halda gətirirlər. Fəramərz — Budurmu şah öldürən, budurmu təzə qurban? Sərtac — Bəli! Xain cariyə şahın qatili Ceyran. Ceyran — Nədən yerim olmuş bu qara zindan, Sərtac nə istəyir kəndli qızından? Deyir bilmədiyin sözlərdən danış, Macəraya qoşul, böhtana çalış. Fəramərz — (Acıqlı baxır) Utanmasaydım gər Bəhmən babadan, Açardım sarayda təzə bir tufan. Bir sel axıdardım burada qandan, Nə böhtan qalardı, nə böhtan atan. Bu əsnada Maral gəlir, Fəramərzi dinləyir. Bu Maral, bu da mən, qoy desin düşmən Nə zaman yığıncaq düzəltmişəm mən? Maral — (Sərtaca acıqlanır) Mən heç kəsin deyiləm, macəradan əl götür, Əl çək hiylələrindən, bəsdir yerində otur. Fəramərzlə olmamış mənim əlaqəm hərgiz, De görüm nədən ötrü zindanda yatır bu qız? (Astiaqa) De görüm nə səbəblə ayrıldın məlikəndən? Qiymətli bir cavahir çıxıb getdi ölkəndən? Sərtac — (Padşaha tə’zim edir) Böyük xanədana sədaqətim var inan, Yalvarıram hökmdar, azad et məni burdan. Nə edim bu sədaqət olmamışdır nəzərdə, Həqiqətin üstünə çəkilir qara pərdə. Maral — Əl çək hiylələrindən, qoy bu xalq yaşasın dinc, Fəth eyləməz qəlbimi, nə tədbir, nə də qılınc! Maral çəkilib öz yerində oturur. Bəhmən — Daim çala-çuxurdur keçdiyimiz küçələr, Qorxulu küçələrdən tək keçə bilməz bəşər. Fəlakət səni izlər kölgən kimi, ayıq ol, Uçurumdur, ölümdür tə’qib eylədiyin yol. Bir-birinin əlindən yapışmalıdır insan, Tutmasalar qolundan çox tez yıxılacaqsan. Sivrim çağdır dünyada ayaq qoyduğumuz yer, Tək yaşamaq çətindir, bir-birinə arxa ver! (Marala) Rahat yaşayacaqdır bir-birini sevənlər, Qalib çıxar sevgiyə, silaha güvənənlər. Maral — Bilməyənlər əlində qılınc sadə dəmirdir, Bəhmən — Doğrudur, qılıncı da sənətkarlıq işlədir. Əsrimizlə Fəramərz ən böyük sənətkardır, Döyüş meydanlarında şanı-şöhrəti vardır. Maral — Bəhmən baba, gözəldir verdiyin nəsihətin, Qiymətli bir incidir, hər kəlmən, hər söhbətin. Sənətə qarşı vardır, məndə dərin məhəbbət, Məhəbbət dediyim söz sevgi deyildir əlbət. (Maral salondan çıxarkən Fəramərzə müraciət edir) Qət’i söz verə bilməz hazırda sənə Maral, Gələcəyin sirrini iqbalından xəbər al! (Maral gedir, Fəramərz ona baş endirir) Fəramərz — Təhqir üçün mən yoxsa edildim bura də’vət? Təhqirlə qarşılanır ilahi bir məhəbbət. Varlığımda silinməz bir xatirə buraxdı, Sevkilərim əriyib göz bəbəyimdən axdı. Astiaq — Qəmgin olma Fəramərz, bağışlayıram səni, Qurtar təhlükələrdən yaşadığın vətəni. Get hazırlan yola düş, çəkinmə bu səfərdən, Sevgi də, məhəbbət də asılıdır zəfərdən. Fəramərz — Böyük mərhəmətindən çox razıyam hökmdar, Səfərə çıxmaq üçün ancaq iki şərtim var: Sərtacı qov saraydan, ətrafını təmizlə, Yad qızından əl götür, xalqın yolunu izlə. Astiaq — Şərtlərin qəbulumdur, inan mənə Fəramərz! Fəramərz — (Dönməzə) Sabah yola düşürəm, hazırlıq görün, Dönməz. Bəhmən — (Qalxıb Fəramərzi öpür) Maral səni sevməsin, öz xalqın sevir səni, Get oğlum əsirlikdən xilas elə vətəni. Bəhmən baban əmr edir, yəhərlənsin atınız, Hər külək qıra bilməz, poladdır qanadınız, Atlan! Söylə Şirvanın, Qarabağın elinə, Çıxsın laçın igidlər köhlən atın belinə, Arran bayrağı qalxsın Babəkin qəl’əsinə. Fəramərz — (padşaha) Onda gəlib qulaq ver, şahım, aman səsinə, Məğlub olmaz ölkəmiz, xalqını yaxşı tanı, Qolu bağlı gətirrəm bura qayınatanı. (Ceyranı göstərir) Ancaq əbəs saxladın zindanlarda bu qızı, Üçüncü şərtim budur, burax o günahsızı. Astiaq — (Şahmara) İndi ki günahsızdır açın qızın qolunu! Ceyran — (Padşaha təzim edir) Hökmdar, bu kənizin azmamışdır yolunu. Fəramərz və başqaları bir-bir gəlib Bəhmənin əlindən öpür və padşaha baş endirib salondan çıxırlar. Bəhmən — (Qalxıb getmək istərkən padşaha deyir) Saray hiyləsindən özünü gözlə, Həqiqət görünməz sən baxan gözlə. (gedir). Astiaq — (Bebanın şəklini çıxarıb baxır) Sevgimizə qarşı çıxan bu üsyan, Doğru bizim üçün əbədi hicran. Sevgi qiymətlidir candan, həyatdan, Hər tükün bahadır bu kainatdan. Etməsin bu gözlər məni məzəmmət, Mən səni sevirdim, qoymadı millət. Böyükdür hicranın çəkilməz dərdi, Səni saxlasaydım tacım gedərdi. Sevgi bir həvəsdir, tez unudulur, Nə edim, gözəl qız, vətən məhv olur. Astiaq bir qədər fikrə gedəndən sonra şəkli iki əllərilə tutub dodaqlarına aparır və öpür. Əl çəkdim mən artıq şirin sevgidən, Çəkil nəzərimdən, çıx ürəyimdən. (Şəkli cırıb atır və sür’ətlə salondan çıxır) Sərtac — (Şahmarla gəlir) Sabahdan Fəramərz gedir cəbhəyə, Sən dəxi cəbhəyə gedirəm, deyə, Fəramərzlə sabah yola düşərsən, Əgər fürsət tapıb onu öldürsən — Ən’am alacaqsan, böyük bir ən’am. Şahmar — Elə bil vermişəm işə sərəncam. Həmin bu vəzifə gəlir əlimdən, Məmnun qalacaqsan bu əməlimdən. (kənara) Mən necə öldürüm o pəhləvanı?! Necə yetim qoyum Azərbaycanı?! Sərtac — O sağ qayıtmasın gərək cəbhədən. Şahmar — Boyun qaçırmıram bu vəzifədən. Çoxları sərmişəm yerə bir oxla Sağlıq olsa, sən də gücümü yoxla. Mənim sənətimdir bu cür işlər, Çoxları əlimdən zərbə yemişlər. Qorxulu səfərdir lakin bu səfər, Böyük işlər böyük məsarif istər. Sərtac — (Ona bağlı bir kisə verir) Al, bu da bir kisə, yetər yoluna, Qüvvət diləyirəm sənin qoluna. Ölməsə Fəramərz toyum baş tutmaz Şahmar — Əmin ol, bu dostun səni unutmaz. (Sərtac gedir, Şahmar danışır) Gedirəm, burada bir çətinlik yox, Varımdır qəfildən atılan bir ox. Öldürrəm onu mən düşünçə fürsət, İqbala səbəbdir həmin bu xidmət. (gedir) Ceyran — (Pərdənin dalından çıxır) Bacarsan get öldür, hiyləgər şeytan. Ölməmiş hələlik, diridir Ceyran! (tələsik gedir) Pərdə Dördüncü şəkil Maralın otağıdır. Maral otağın divarlarına qara çəkir. Otaq təziyə otağına bənzəyir. Ceyran — Qəlbimə yol tapmaz, nə kədər, nə qəm, Maralın qəlbini öyrənə bilsəm. Ölməmiş Fəramərz, o yəqinimdir, Bilirəm bu işi düzəldən kimdir. Fəramərz cəbhədən qayıdıb gəlsə, Maralın sevgisi yalan deyilsə, Onlar evlənəcək, bu mənə bir dərd, Düşmənim böyükdür, zəmanə namərd. Maral — (Qara paltarda gəlir) Fəramərz ürəkdən məni sevirdi, Möhtəşəm bir sevgi məzara girdi. Heç də inanmıram, böyük qəhrəman, Olsun bir əclafın əlində qurban. Ceyran — Hadisə doğrudur, ona şübhəm yox, Qəfildən atılan zəhərli bir ox — Onu məhv eyləmiş, Maral — Yalandır bəlkə. Ceyran — Yalansa nə üçün ağlayır ölkə?! Tutaq ki, yalandır, nə istəyirsən, Sən ki, Şəhriyara ərə gedirsən? Razılıq vermisən, qoyulur nişan, Deyil belə işlər sənə yaraşan. Maral — (Məhzun bir vəziyyətlə) Məni sevməsəydi öldürülməzdi. (başını əlləri arasına alır) Aman, bu müsibət ruhumu əzdi! Marala bəzək verən qadınlar əllərində zinət şeylərilə daxil olurlar, toy libaslarının hər biri bir qızın əlində, qızlar oxuya-oxuya rəqs edirlər. Qızlar — (Marala) Çöhrəndən rəng alır çəməndə güllər, Səsindən dərs alır şeyda bülbüllər. Məşşatələr vursun çöhrənə bəzək, Geyindirsin səni tavus quşutək. Rəqs edirlər. Maral — (Onları dayandırır) Bəsdir, çıxıb gedin, sevimli qızlar, Nəğmə səslərindən ürəyim sızlar. Ceyran — Qoy vəsmə çəksinlər bu qara qaşa, Bu saat xeyir işin gələcək başa. Salonda gözləyir səni kürəkən Rüsvayçılıq çıxar, nə fikirdəsən?! Maral — Ceyran, yalvarıram sənə, tələsmə! Çəkmişdir müsibət qaşıma vəsmə, Qanlı göz yaşından bəzənmiş çöhrəm, Etmişdir bu matəm eyşimi bərhəm! Ceyran — Sən ki, rədd etmişdin onu, sevmirdin, Hər kəlmə başında təhqir edirdin?! Maral — Xalqın matəmidir bu günkü matəm, Necə ağlamayım, ağlayır aləm? Bu qəfil ölümdən şadlanır düşmən, Namussuz bir qızam ağlamasam mən. Ceyran — Ölməmiş olsaydı Fəramərz hərgah, Onu sevərdinmi? Maral — Nə deyirsən ah!.. O sarsılmaz ürək yatır qəbirdə, Ölüm səfərindən qayıtmaz bir də. Bir daha düşmənlər titrəməz heyhat, Səfləri dağıtmaz bir də köhlən at. Düşmən qarşısında o bir qəl’əydi. Ona atılan ox ölkəyə dəydi. Ceyran — Demək ki, sevmirdin onu bir ər tək? Maral — (Acıqlı) Dedim ki, sevmirəm, yaxamdan əl çək! Padşah nəslidir, bizim nəslimiz, Ardır rəiyyətə ərə getsək biz. Vardır nəslimizin şanı-şöhrəti, Sevgiyə satmaram bu əzəməti. Ceyran — (gülür) İndi ki, sevmirsən nə ağlamaqdır? Maral — (kənara) Bu qız ya hiyləgər, ya da axmaqdır. Niyə anlamırsan məni, ay nadan! Ölkənin fikridir məni ağladan. Ceyran — Demək ki, sən ona getmirsən ərə. Maral — O da evlənməsin, gərək bir kərə. Qəlbində yaşatsın mənim sevgimi, Ümidlə yaşayım ölənə kimi. Ceyran — Bunu sən deyirsən, o nə deyir bəs? Maral — Bu öz işimizdir, sən səsini kəs! Sən onu sevmirsən, ürəyimdən çıx, Boğar bir gün məni bu dar qısqanclıq. Ceyran — Qısqanma, sevmirəm onu mən hərgiz Maral — (Gedərkən) Məni aldadırsan xəyanətkar qız. (gedir) Ceyran — (Onun dalınca) Sevgilə qururun yan-yana durmuş, Dəli bir ehtiras başını yormuş. Nə onu sevirsən, nə əl çəkirsən, Göyə də sıçrasan, yerə də girsən, Fəramərz mənimdir, səninki deyil, Əbəs qısqanırsan qarşımdan çəkil Astiaq — (danışa-danışa gəlir) Nə qədər ağılsız, nə qədər axmaq, Vətən xaininə matəm saxlamaq! Rüsvay olacağam xalq arasında, Baxın bacım ağlar kimin yasında?! (Ceyrana) Bu nə müsibətdir, bu nə qaradır? Ceyran — (Baş endirir) Şahım, bu matəmi bacın yaradır. Astiaq — (Öz-özünə) Bu gün toy başlanır, gəlinsə yasda, Nişan qoyulacaq qara libasda. Maral — (Gəlib bu sözləri eşidir) Bəlkə də bu xəbər yalan xəbərdir, Sərtac buraxdığı şayiələrdir? Astiaq — Biz gərək şad olaq belə xəbərdən, İstifadə edək şayiələrdən. Maral — Sən onu cəbhəyə göndərən zaman, Demişdin qayıt-gəl qoyarıq nişan. Doğrudur, onu mən sevmirəm əsla, Borcumu verirəm ona bu yasla. Olmuşdur o mənim sevgimə qurban, Gözüm ağlamayır, ağlayır vicdan. Astiaq — (Ceyrana) Dayanma get çağır Şahmarı, Ceyran! Maral — (Məhzun bir surətdə) Nə qədər mənfurdur həyasız şeytan! Olduqca iyrənçdir onun sifəti, Qatil olmasa da, acıdır əti. Astiaq — Daha fayda yoxdur bu ahü-zardan, Kim görüb qayıtsın ölü məzardan? Maral — Aldada bilməzdin onu sən hərgiz, Onu aldatmışdır inadkar bir qız. Təhqir olunmasın deyə məhəbbət, Ölünçə bəslərəm ruhuna hörmət. Astiaq — Məqsədsiz, arzusuz ağlamaz insan, Maral — Özüm ağlamıram, ağladır vicdan. Şahmar Ceyranla bərabər daxil olub padşaha baş endirir. Astiaq — (Şahmara) De görüm mənə, ey böyük sərkərdə, Nə hünər göstərdin bu son səfərdə? Harda Fəramərzi boyadın qana? Nə üçün qəsd etdin o pəhləvana? Şahmar — (Təzim edir) Daim Fəramərzə bəslərdim hörmət, İftixar edirdi onunla millət. Lakin son səfərdə satırdı bizi, Uduzmaq istərdi qələbəmizi. Xain səs vermədi xalqın səsinə, Geri çəkilirdi xaincəsinə. Yalvardıq, yaxardıq baxmadı sözə, Axırda atlanıb gəldik üz-üzə. Ata məhmiz vurub yel kimi əsdim, Gözündən oxlayıb başını kəsdim. Astiaq — Afərinlər olsun bu zərbi-şəstə! Sənin mükafatın gözlərim üstə. Ceyran — (Onun dalınca kənara) Bilmirəm hardandır bu cür’ət səndə? Özündən gedirsən toyuq kəsəndə. Astiaq — (Marala) İndi yaxşı düşün kimə ağlarsan, Vətən xaininə matəm saxlarsan. Kimlərə bəslərdin bu məhəbbəti? Düşmənə satırmış böyük dövləti. Maral — (Şahmara) Onu öldürsəydi adlı pəhləvan, Olsaydı ölkəmin yolunda qurban, Çıxmazdı bu sevda mənim başımdan. Qəbrini sulardım bu göz yaşımdan. Astiaq — Belə də lazımdır, mehriban bacım. Maral — Qanlı cəbhələrdə həlak olsaydı, Döyüş tarixində bir ad qoysaydı, Zər-zivər yerinə qara bağlardım. Ölünçə yas tutub ona ağlardım. Astiaq — İşi mə’rəkəydi, peşəsi üsyan, Dikbaşlıq edirdi xalqın adından. Maral — Artıq o deyilmiş adlı qəhrəman, Olmuş bir tülkünün əlində qurban. Şahmar xəcalətli bir surətdə gedir. Astiaq — Haramdır ağlamaq bu acizlərə; Maral — Əbəs matəm tutub geymişdim qara. (Maral bu sözlərdən sonra başından qara şalı çıxarıb atır, otağın qaralarını soyur və gedir. Ceyran tək qalır) Ceyran — (Maralın dalınca) Bu gün öz başından qaranı açsan, Unutma ki, sabah ağlayacaqsan! Sən layiq deyildin o qəhrəmana, O məni sevəcək, qal yana-yana. Dəmir — (Başını qapıdan içəri uzadır) Yanında kim vardır? Ceyran — Gəldinmi? Dəmir — Dinlə! Danışma, barışır iqbal səninlə. Ceyran — Cəbhəyə getdinmi? Dəmir — Getmişdim, dayan! Ceyran — De görüm sağdırmı o gənc qəhrəman? Dəmir — Sağdır, doğru deyil eşitdiklərin. Burda düzəltmişlər ölüm xəbərin. Mən o qəhrəmanı gördüm cəbhədə, Sanki səslənirdi bir atəşgədə. Sağ-sola çapırdı qızmış aslantək, Döyüş meydanında çaxardı şimşək, Axdı dərələrdən, təpələrdən qan, Dumanlar altında qalmışdı meydan. Ceyran — Yalvarıram, söylə onu gördünmü? Dəmir — Gözlədim qaranlıq düşənə kimi, Döyüşlər qurtardı, pozuldu düşmən, Çadıra girərkən onu gördüm mən. Tək idi, yanında heç kim yox idi, Məktubunu verdim, alıb oxudu. Ceyran — Nə dedi? Dəmir — Dedi ki, qəlbən razıyam, Ver mənim dilimdən Ceyrana salam. Ceyran — Çalış bu xəbəri bilməsin bir kəs, Dəmir — Kimdən çatacaqdır mükafatım bəs? Ceyran — Çalış bu xəbəri bilməsin Maral, Hər nə istəyirsən Fəramərzdən al. Qızların oxumaq səsləri eşidilir, Dəmir gedir. Toyu da şöhrətdir, yası da şöhrət, Sanki əyləncədir ona məhəbbət, Qızlar oxuya-oxuya daxil olur. Maral məşşatələrin müşayiəti ilə daxil olur. Maral bəzənirkən qızlar oynayıb oxuyurlar. Qızlar — Maral xanım, məşşatələr vəsmə çəksin qara qaşa, Tavus kimi geyindirib büründürsün daşa-qaşa, Qoysun əlvan çiçəklərdən məşşatələr başına tac, Qızıl gülün ətirində çimdirilsin bu qara saç. Maral — Toy da əyləncədir, yas da əyləncə, Bunlar bir zinətdir həyata mənçə. Rəqs. Pərdə * * * Üçüncü pərdə Beşinci şəkil Suraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir. Sərtac — (Əlində bir məktub Şahmarla daxil olur) Həmin bu məktubu saxla yanında, Kəbin kəsiləndə, and zamanında, Gətirib verərsən məktubu şaha. Şahmar — Qarışdırma məni işə bir daha, Bezmişəm etdiyim xəyanətlərdən. Nəyin sahibiyəm o xidmətlərdən? Sərtac — Sırtıqlıq eləmə bezdim mən dəxi, Dünyanı vermişəm, talandım axı! Şahmar — Maral kimi qıza demişəm böhtan, Yatdı zindanlarda neçə ay Ceyran. Mənə nə qazandı, de görüm bu iş? Xoşuma gəlmədi bu alış-veriş. Sərtac — Bal-yağmı satmısan mənə, bir utan! Şahmar — Bal-yağdan bahadır satdığım vicdan. Sərtac — Səndə təqsir yoxdur, məndədir nöqsan, Bərbəri gətirib etmişəm ə’yan. Vəzirlə, vəkillə oturub durdun. Şahmar — Az vaxtda varlanıb belə qudurdun. Hər bir sənətkardan sarayda vardır. Oğrular, casuslar, oyunbazlardır. İcazə ver, açım köhnə kitabı, Oxuyum gör kimdir vəzir cənabı, Vəzirlik edərkən kisə çəkənlər, Ə’yan olmasınmı sarayda bərbər? Sərtac — (Əlini qoyur ağzına) Aman, kəs səsini, qulaqdır hər yan! Şahmar — Maaşsız nə qədər işləsin insan? Fəramərz kimi bir böyük sərkərdə, Mənim vasitəmlə öldü səfərdə. Sərdim torpaqlara o pəhləvanı, Matəmə batırdım Azərbaycanı. Bunun əvəzində nəyi qazandım? Sərtac — (Bir kisə pul çıxarır) Al bu son kisəni daha usandım. Doğrudur qan ağlar Azərbaycan, Amma inanmıram o cür pəhləvan, Olsun bir bərbərin əlində tələf. Əgər doğru olsa böyük bir şərəf. Şahmar — İnanma, sözüm yox, bunda haqlısan, Ömründə doğru söz danışmamısan. Ciblərin doludur boş və’dələrlə, Sərtac — Dayan, məsələlər bitməmiş hələ, Çox yaxın zamanda bitər bu şahmat, Sən də alacaqsan böyük mükafat. Siyasət meydanı mənim əlimdə. (Şahmar məktubu alır.) Ver bura, bədbəxtəm öz əməlimdə, Kim tə’min eylər quru və’dələr? Sərtac — Füzulluq eləmə, get dedim yetər! (Şahmar gedir) Başladığın işi yarıda qoysan, İstədiyim zaman məhv olacaqsan! Dışarıdan şeypur səsi gəlir, qabaqca şahın silahlı adamları. Sonra padşah ə’yanların, qadınların və mə’bidlərin müşayiəti ilə daxil olur. Padşah öz taxtının qarşısında durub danışır. Astiaq — Etmişdir vəsiyyət babamız Fərhad, İstəsən məmləkət yaşasın azad, Çalış məmləkətdə yaransın birlik, Birlik olan yerdə qalmaz əsirlik. Bu məqsədlə sizi etmişəm də’vət, Cənubla yaradaq təzə məhəbbət. Cənub şahzadəsi böyük Şəhriyar, Özü də, nəsli də olduqca kübar. İstəyir bacımla qazansın şərəf, Bununla şadlansın hər iki tərəf. Bir məlikə versin cənuba ölkəm, Həm də ki, qayıtsın mənim məlikəm. Sərtac — Böyük bir şərəfdir bu izdivaçlar, Təzə bir cavahir qazanır taclar. Ürəkdən sevindim, bununla bəlkə, Azad həyat qursun hər iki ölkə. Yüksəlsin yenə də Azərbaycan, Cənubda etməsin ağalıq İran. Şahzadə Şəhriyar musiqi tərənnümləri altında daxil olur. Astiaq — (Qalxıb onunla görüşür) Xoş gəldin şahzadə, səfa gətirdin, Dərin bir sevginin qoynuna girdin. Şəhriyar — Böyük bir məhəbbət hissi var məndə, Bir sevinc duyuram ana vətəndə. Astiaq — Çoxdandır yolunu gözlərdim mən də, Bir ürək çırpınır iki bədəndə. Şəhriyar — Çıxır sanki mənim qarşıma iqbal, Gəl öpüm, öpüşsün Cənubla Şimal. Öpüşürlər. Astiaq — (Sərtaca) Ver xəbər müqəddəs məş’əllər yansın, Çağır mə’bidləri dua başlansın. Gəlirkən Fərhadın böyük heykəli, Atam Kiaxsarın müqəddəs əli. Ürəklər qərq olsun dərin bir vəcdə, Edək sədaqətlə atəşə səcdə. Şahmar gəlib təzim edir. Şahmar — Hökmdarım, gəldi şahzadə Maral. Astiaq — (Ə’yanlara) Şahzadə xanımı edin istiqbal. Şahzadə Maral qızlar və qadınların müşayiəti ilə daxil olur. Baş mə’bid dərhal atəşgahın qarşısından pərdəni götürür, atəşə məxsus dua oxunur. Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından, Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan. Müqəddəs od, öz nurunla yandır şər’in qanatını, Böyük Hörmüzd, işıqlandır insanların həyatını! Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç, İnsanların ürəyindən behiştə bir pəncərə aç! Dua bitəndən sonra hamı yerində oturur, qızlar odun qarşısında müqəddəs rəqsi ifa edirlər. Rəqs qurtarır. Baş mə’bid nişan inçisini Maralın boynundan asır. Maral başındakı çələngdən bir çiçək qoparıb başının tükü ilə sarıyıb Şəhriyara verir. Dəmir — (Daxil olur) Qəhrəman Fəramərz gəlir səfərdən. (Astiaqa) Gözləriniz aydın böyük zəfərdən. Məclisdə həyəcan başlanır. Hamı gözlərini qapıya tərəf çevirir. Fəramərz — (Bayraqlar ilə daxil olur, Astiaqa baş endirir) Əmrinlə zəfərdə buraxdım izlər, Təslim oldu sənə dağlar, dənizlər. Böyük ölkələrdən sənə bac aldım, Şahları başından altun tac aldım. Taclar şahın ayaqları altına atır. Pəhləvanlar çökmüş önümdə dizə, İşləyir fərmanın Orta dənizə. Akadlar qorxudan hərbə girmədi, Askitlər məhv olub tab gətirmədi. Orduma yol açdı keçilməz daşlar, Nizəmə taxıldı əyilməz başlar. Başlar taxılan nizələr əyilir. Astiaq — Səni zəfər üçün bəsləmiş anan, Səninlə fəxr edir Azərbaycan. Təqdirə layiqdir bu xidmətlərin, Qət’i bir zəfərdir bu son zəfərin. Hədiyyə verdim sənə bir qılınc, bir at Sərtac — Mənçə bu mükafat layiq mükafat. Fəramərz — Mükafat deyildir bir qılınc, bir at, Və’də vermiş idin başqa mükafat. Astiaq qorxudan cavab verə bilmir. Sərtac — Çoxdandı yox idi izin, əsərin, Hər yerə yayıldı ölüm xəbərin. Ağlatdı dünyanı böyük müsibət, Matəmə büründü qoca məmləkət. Biz inanmasaydıq həmin xəbərə, Şübhəsiz şahzadə getməzdi ərə. Fəramərz bu sözdən sonra Maralın tərəfinə baxır. Onun Şəhriyar ilə bərabər nişan paltarında oturduğunu görüb Sərtaca acıqlanır. Fəramərz — Çəkil get gözümdən hiyləgər şeytan, Sədaqət görmədim bu saraylardan! Bir ildir atımdan enməmişəm mən, Arpa sünbüllədi çəkmələrimdən. Hər yana at çapdım zəfər yaratdım, Uzun gecələri yəhərdə yatdım. Çox zaman çıxardı üzəngimə qan, Ölüm püskürərdi üstümə meydan. Qılıncdan başımda çadır düzəldi, Ordular sel kimi üstümə gəldi. Maral-Maral deyib dönmədim geri, Düşmən meyidilə ucaltdım yeri, Sağımdan, solumdan yağardı yara, Taxt-tac qorudum bu alçaqlara! (Şəhriyara acıqlanır.) Şəhriyar — (Öz adamlarına) Tez tutub bağlayın bu ədəbsizi! Fəramərz — Mən gərək əvvəldən qırayıdım sizi! Düşmən axtarırdım yad ölkələrdən. Bilmədim evdədir həqiqi düşmən. Bilmədim yox vicdan tacın altında, Siz də bir qatilsiz xalq həyatında. (Fəramərz qılıncını çəkib Şəhriyara hücum edir) Maral — (qalxır) Əl saxla, Fəramərz! Fəramərz — (Təzim edir) Bağışla məni. (Astiaqa) Sonraya buraxdım bu çəkişməni, Qoy sizdən təbiət intiqam alsın, Sizinlə mənimki sonraya qalsın. Olmasaydı əgər qadına təhqir, Qırardım sizi mən burada bir-bir. Lakin bu təhqiri yerdə qoymaram! (gedir) Maral — (həyəcanla) Qəhrəman Fəramərz, mən günahkaram. Sərtac — (Şəhriyara) Verməyin bu işə çox əhəmiyyət, Maral şahzadədir, o bir rəiyyət. Fəramərz bəsləyir qələt bir rö’ya Yazıq aşiq imiş Marala guya. Əmr edin yenə də ayin başlansın. Müqəddəs məş’əllər təzədən yansın. Astiaq — (Sərtaca) Fərhadın rəsmini də gətirsinlər, Əvvəl Şəhriyara and verdirsinlər. Həm də bacım Maral şəklə and içsin, Sonra nişan rəsmi həyata keçsin. Oxunsun müqəddəs vəsiyyətnamə, Sərtac — (Dəmirə) Şahın fərmanını yetir əncamə. (Öz-özünə) İxtilaf çıxmasa ölkədə hərgah, Hər gün əllərimdən öpməz padişah. Qorxu yaradıram ona hər gündə. Cansız bir heykəldir taxtın üstündə. Astiaq — (Şəhriyar ilə danışır) Az deyil qəhrəman igidlər bizdə, Yaşar bu məmləkət Fəramərzsiz də. Hazırlayın ona elə bir dərman, Bitməsin yarası gəlsə yüz Loğman. İki qız Fərhadın böyük pərdə üzərinə çəkilən rəsmini gətirir. Bunların dalınca da iki qız mə’bidlərin müşayiəti ilə qızıl bir sandıq gətirir. Padşah sandıqdan Fərhadın vəsiyyətnaməsini çıxardıb oxuyur, Maral ilə Şəhriyar təkrar edir. Astiaq — Yəzdanə and içirik Şəhriyar — Yəzdanə and içirik Astiaq — Düşmənlə dostluq etməyəcəyik! Şəhriyar — Düşmənlə dostluq etməyəcəyik Astiaq — Arran məmləkəti Azərbaycan istiqlaliyyətin beşiyidir. Şəhriyar — Arran məmləkəti Azərbaycan istiqlaliyyətin beşiyidir. Astiaq — Düşmən atları Araz-Kür çaylarından su içməməlidir. Şəhriyar — Düşmən atları Araz-Kür çaylarından su içməməlidir. Astiaq — Düşmənə qız verən düşmənimizdir. Şəhriyar — Düşmənə qız verən düşmənimizdir. Bu halda Şahmar gəlib məktubu Sərtaca verir. Sərtac — Əzəmətli Şəhriyar siz o andı buraxın, (Astiaqa) Möhtəşəm hökmdarım bu məktuba tez baxın. (Məktubu verir) Astiaq — (Oxuyub Şəhriyara açığlanır) Yəzdana, Zərdüştə, Fərhada qəsəm, Səni öz əlimlə məhv eləməsəm. Haram olsun mənə bu dövlət, bu tac, Qoy hamı eşitsin, al oxu Sərtac! Hər kəs həyəcanla Sərtaca baxır, Şəhriyar özünü şaşırır. Maral Şəhriyarın yanından qalxıb heyrətlə o tərəf-bu tərəfə baxır. Sərtac — (Məktubu oxuyur) Aysoru padişahından Astiaq şaha! Ey Sərkəş, xudpəsənd kümrah, Peymanına sadiq olmayan şah! Əvvəlcə qazandın e’timadı, Sonra niyə başladın fəsadı? Etdin qızıma məhəbbət e’lan, Atdın nə üçün? Nədir bu üsyan? Behnazı alıb buraxdın əldən, Ar eyləmədin fəna əməldən. Bil ki, səni məhv edər xəyanət, Andında görünməyir sədaqət. Behnaz sənə bir daha qayıtmaz, Ol dilbər edib məni sərəfraz. Artıq hərəmimdədir o afət. Məndən görəcək o qız səadət. Məclisdə olanların hamısı Şəhriyara nifrət nəzərilə baxmağa başlayır. Astiaq — (Şəhriyara) Çəkil müqəddəs odun kənarından, tez çəkil! O şəkildən üz döndər, müqəddəsdir o şəkil. Buraxdın məlikəni Fərhadın qatilinə, Fərhada and içirsən utanmayırsan yenə?! Şəhriyar — İcazə ver danışım, ey əzəmətli şahım, Sən zənn edən qədər də, böyük deyil günahım. Müqəddəsdir hər kəsə Fərhadın vəsiyyəti, Namussuzluq deyilli Şəhriyarın niyyəti. Mən xəyanət etmədim, şahım, Arazla-Kürə, Ancaq mən istəmədim gözlərim görə-görə, Düşmən atı tapdasın Zərdüştün vətənini. Vətənimin namusu məcbur eylədi məni, Bir də ki, sən qovmuşdun sarayından bacımı. Həm də qorumalıydım öz taxtımı, tacımı. Maral — Namusu satmaqla yaşamaz vətən, Qılıncına güvən, həyat istəsən, Astiaq — Çıxıb get buradan, söhbət artıqdır, Bacı qurban vermək namussuzluqdur. Maral — (Öz boynundakı nişan incisini çıxarır) Yandırdın bu xəbərlə gənc ürəyimi, Sevgin uçub getdi bir xəyal kimi. Astiaq — Çəkil get gözümdən, satıcı insan, Satdın öz bacını, satıldı ad-san. Maral — Şərəfsiz bir gəncə satılmaz Maral, Artıq biz ayrıldıq, gəl incini al! Nə sevgin var sənin, nə namusun var, Saçımın tükünü özümə qaytar. Şəhriyar — (İncini almaq istəmir, padşaha deyir) Xəbərdarsan bizim ənənəmizdən, Sevgi asanlıqla alınmaz bizdən. Nişan incisini hökmdar, ancaq, Qılıncla mümkündür geri qaytarmaq. Bu saçın telindən alıram qüvvət, Onunla bağlıdır mənə məhəbbət. O saçla ürəyim çəkilmiş dara, Saç vermək ölümdür pəhləvanlara. (Şəhriyar bunu deyəndən sonra qılıncını çəkir) Pəhləvan göndərin böyük hökmdar, Ölər, sevgisindən keçməz Şəhriyar! Astiaq — Pəhləvan çağırın! Maral — İcazə ver şah. Mən bundan intiqam almasam hərgah, Haram olsun mənə bu şöhrət, bu şan. Şəhriyar — Qoy çıxsın qarşıma başqa pəhləvan. Ölsəm deyəcəklər qadın öldürdü, Öldürsəm deyərlər qadın öldürdü. Qılınc və qalxan gətirirlər, Maral döyüşə hazırlanır. Maral — (qılıncını çəkir) Bir daha sevgim üçün çırpınmasın ürəyin, Ürəyimdə sevgi yox, sənə qarşı coşur kin. Maral və Şəhriyar vuruşur, Şəhriyar yaralanıb yıxılır, öldürmək istərkən Astiaq qalxıb Maralı dayandırır. Astiaq — (Marala) Maral, saxla əlini, bir yara buna bəsdir, Atəşkah müqəddəsdir, qan axıtmaq əbəsdir. Maral nişan incisini çıxarıb atır onun döşünə. Maral — Həmin nişan incisini öz boynumdan atan kimi, Sənin murdar sevgindən də təmizlədim ürəyimi. (Maral onun başından çələnki götürüb atır və qılıncını yerinə taxdığı zaman deyir) Namərd! Pərdə * * * Dördüncü pərdə Altıncı şəkil Padşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir. Səslər — Fəramərzi çağırın, Fəramərzi verin! Astiaq — (xalqa) Sakit olun, sülh olacaq yaxın zamanda, Azad həyat başlanacaq Azərbaycanda. Qurd qoyunla gəzəcəkdir məmləkətimdə, Qalmayacaq bir ehtiyac rəiyyətimdə. Nümayəndə göndərmişəm bu gün düşmənə, Sülh üçün öz şərtlərini göndərsin mənə. Səslər — Fəramərzi verin, Fəramərzi verin! Baş mö’bid — (irəli gəlib xalqı sakit etməyə çalışır) Var müqəddəs ölkəmizdə atəşkədələr, Gedib oda səcdə edin göndərsin zəfər. Qovsun Hörmüzd bu ölkədən əhrimənləri, Yüz Fəramərz qova bilməz o düşmənləri. Günahkarıq bizə bəla göndərmiş Yəzdan, Öz şahına eyləmişdir rəiyyət üsyan. Səslər — Fəramərzi verin! Fəramərzi verin! Dəmir — (Tələsik gəlir) Düşmən cavab göndərmişdir. Astiaq — Al, oxu Sərtac! Təhlükələr qarşısında qalmış təxtü tac. Torpaq tələb edir verim, istəsin dövlət, Eybi nədir, çox genişdir bizim məmləkət. Sərtac — (Məktubu oxuyur) Mən necə oxuyum, bu həqarətdir, Astiaq — Bu ki, qarətdir. ...İkiyə ayrılsın Azərbaycan, Cənub tərəfləri götürsün İran. Beş yüz gəlin göndər, beş yüz qara qul. İki min at gərək üstü ipək çul, Yüz yük xalı, kəbə, yüz yük də qumaş. Yüz yük qızıl, gümüş, yüz çuval daş-qaş. Himayət altında yaşasın Arran. Günə səcdə etsin Azərbaycan. Astiaq baş əysin Saraguş şaha Oda söyləməsin tanrı bir daha. Astiaq — Daha nə istəyir?! Sərtac — Dilim olsun lal. (Yavaşdan) Sarayıma gəlsin şahzadə Maral. küçədə həyəcan başlanır, səslər eşidilir. Səslər — Fəramərzi gətirin! Fəramərzi gətirin! Astiaq — Bütün təkliflərə razıyam, ancaq — Düşmən deyən qədər deyiləm alçaq. Onsuz da məğrurdur şahzadə bacım, O getməz, getsə də bu təxtü tacım. Sərtac — Bir qədər fikirləş, böyük hökmran, Əgər şahzadəni verməsən qurban Xalqımız, ölkəmiz məhv olacaqdır. Astiaq — (Açıqlanır) Fərhadın nəvəsi sanma alçaqdır, Sənin hiylələrin məni məhv etdi. Saraydan çıxıb get, məmləkət getdi, Tanıyırmış səni ağıllı Bəhmən, İnad göstərmişəm əbəs yerə mən. Sərtac baş endirib gedir. Astiaq o tərəf-bu tərəfə boylanıb danışır. Ətrafım boşalmış qəhrəmanlardan, Şahlardan tac alıb bac alanlardan. Məndən küsüb getdi igid Fəramərz, Əfsus, yenə əfsus, bir daha gəlməz. Baş mö’bid — Şahım, ümidini Yəzdana bağla, Mö’bidləri yığıb sarayda saxla. Hardakı müqəddəs simalar vardır, O yer toxunulmaz möhkəm hasardır. İki nəfər qoca Bəhmənin qoltuğuna girib gətirir. Səslər — Qaytarın bizim milli qürurumuzu! Fəramərzi çağırın! Bəhmən — (Astiaqa) Bu səslər nə səsdir, nə deyir millət? Astiaq — Çarə tap pozulur böyük bir dövlət. Namus tələb edir o həyasızlar. Nə edim, nə deyim, nə cür’ətim var? Sülhə imkan yoxdur, döyüşə qüvvət, Fəramərz səslənib qışqırır millət. Səslər — Fəramərz, Fəramərz! Baş mö’bid — (Padşaha) İnansan Yəzdanın iradəsinə, Səs verər, şübhəsiz, sənin səsinə. İqbaldır insanın önündə gedən, Sənə həyat verən, səni məhv edən. İqbaldır hər kəsi şərəfləndirən, Birini qaldırıb, birin endirən. Belədir Yəzdanın verdiyi qərar. İnsanın əlində yoxdur ixtiyar. İnsanla dolanır qəzavü qədər, İnsanlar üçündür şadlıq və kədər. Camaat balkonu daşa basır. Bəhmən — (Camaata) Dayanın, diridir hələlik Bəhmən, Eşidin səsimi, sizinləyəm mən. Övladım, haqlıdır atılan daşlar, Hər böyük fəlakət saraydan başlar. Əvvəlcə düşməni qapıdan qovmaq, Sonra müqəssiri cəzalandırmaq. İqbala, ə’caza bağlı deyilsən Dünya işlərinin xaini sənsən. Baş mö’bid — (Astiaqa) Həmin bu fikirdir bizi məhv edən. Məğlub olacaqdır əyri yol gedən. Bəhmən — (Xalqa) Qoruyun düşməndən öz ölkənizi, İgiddir Fəramərz, tək qoymaz sizi, Qalib çıxacaqsan yenə çalışsan, İnsan bacaranı, bacarar insan. Maral — (Silahlı qızlarla gəlir) De görüm düşməndən cavab aldınmı? Astiaq — (Kədərlə) Aldım! Maral — O cavabdan razı qaldınmı? Astiaq — O şərəfsiz sülhün şərtlərindən, Nə cürə söyləyim, biri də sənsən. Maral — Bununla mümkünsə bizə istiqlal, Gedərəm eybi yox, məhv olsun Maral. Bəhmən — (Marala) Düşmən sarayına gedincə gölə, Dostun qapısına get gülə-gülə. Əyilsə də başın dosta əyilsin, Özün gedib yalvar, Fəramərz gəlsin. Get söylə çətindir bu son məsələ, Təxirsiz götürsün silahı ələ. Onunla məmləkət tapar azadlıq Məktubumu alıb yola düş artıq. Maral — O məni eşitməz, çox inadkardır. Bəhmən — İnadkar da olsa, vüqarı vardır. Qadınlığa bəslər böyük bir hörmət. Sənə ki, aydındır, qızım, həqiqət. Qəhrəmanı təhqir etdiyin gündə, Yenə baş əymişdir sənin önündə. Qadınlıq gəlməsi ona əzizdir, İnan Fəramərzə, qanı təmizdir. Söylə, Bəhmən baban çağırır səni, Gəlib azad etsin bizim ölkəni. Astiaq — Qoy gəlsin barışaq, düzəldək birlik. Ona da, mənə də ardır əsirlik. Ceyran — (Marala) Mən onu gətirdim icazə versən. Maral — (Açığla) Çoxdandır bilirəm onu sevirsən. Rəqabət aparma mənimlə bəsdir, Başım ayılarsa yerin məhbəsdir. (Bəhmənə) Gedirəm, əl çəkdim öz qürurumdan, Daim bir çəkidə yaşamaz insan. Hamı gedir. Ceyran Maralın dalınca Ceyran — Sən də rəqabətdən bir qədər çəkin, Gündən-günə sənin azalır çəkin. Pərdə * * * Beşinci pərdə Yeddinci şəkil Fəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar. Qızlar və oğlanlar — Gözəl bahar, aç üzünü, əkinçilər düzə çıxsın, Təbiətin gəlinləri al geyinib üzə çıxsın, Tarlaların körpəsinə süd əmizdir buludlardan, Kəkliklərin ilham alıb şərqi desin ilk bahardan. Dönməz — (tələsik gəlir) Qızlar, dayanmayın, edin istiqbal, Qonaq gəlir bizə şahzadə Maral. Tez qayıdın evə ay qız, ey gəlin! Gözəl paltarlardan geyinib gəlin! Qərənfil — (Tələsik otaqdan çıxır) Hanı bəs Fəramərz, tək niyə gəldin? Dönməz — Dayanmayın, ana, evi düzəldin. Otaqları döşə, xalçaları sal! Qonaq gəlir bizə şahzadə Maral. Nəhrəni çalxatdır, pətəkdən bal kəs, Tapşır səs salmasın burada bir kəs. Qərənfil — Sən allah, ay Dönməz, aldatma bizi, Kəndli komasına gəlməz şah qızı. Dönməz — Malları həyətə qoyma naxırdan, Beş on şişək seçib saxlatdır qurban. Qab-qaçağı düzdür taxa-taxçaya, Toyuq zad girməsin bizim bağçaya. Qərənfil — Ay qız, Mələknisə, nə döndün yenə? Toyuqları tutub doldurun hinə. Dönməz — Ana, bu işlərə bütün özün bax, Uşaqlar girməsin evə tumançaq. Qərənfil — (O tərəf-bu tərəfə qaçır) Bilmirəm harada yox oldu Püstə, Mələknisə durma, qaç bulaq üstə. Gəlib ev-eşiyi salsın sahmana, Dönməz — Ana, nə qaçırsan o yan-bu yana? Köpəkləri açıb çöldə bağlatdır. Güləş dərzlərini bayıra atdır. Qərənfil — Gəlsin, gözüm üstə onu saxlaram, Şahın özü gəlsə qonaqlayaram. Dönməz — Tökdür sərin suya şəkəri, qəndi, Mən gedib çıxarım qabağa kəndi. Padşah qızları sevərlər şərbət, Yaxşı süfrə düzəlt, ana, həl-həlbət. (gedir) Qızlar gəlirlər. Evdə təlaş və həyəcan başlanır, evi sahmana salmağa başlayırlar. Qərənfil — Ay qız, Xırdaxanım, sən bağçaya qaç, Nazlı xanım, durma yaxdanları aç. Xalını, kəbəni eyvana döşə, Təzə paltarlarda gəlin görüşə. Cücələri tutub kəsdir, ay Nabat, Ay Polad, sən də bir öyəc boğazlat. Polad — Bu cür xidmətlərə göndər Poladı, Həm ciyəri mənim, həm içalatı. (gedir) Qorxmaz — (Gəlib atdan düşür) Bu nə hazırlıqdır, Qərənfil nənə? Bu nə dəbdəbədir, bu nə təntənə?! Dayan, bir de görüm, nə götür-qoydur? Niyə gizlədirsən, olmaya toydur? Oğlunmu evlənir, gözümüz aydın! Qərənfil — Əlbəttə evlənir, bizi nə saydın?! Olsun bu xeyir işdən sənə də qismət. Qorxmaz — Səbr elə hələlik tezdir bu söhbət. Qərənfil — Nə üçün? Qorxmaz — Deyildir həyat müəyyən, Sabahı düşünmür bu gün evlənən. Bu halda evlənsək gülərlər bizə, Çünki yabançıyıq öz ölkəmizə. Qərənfil — Bilirəm övladım, doğru deyirsən, Düşüncən budursa, sənə yüz əhsən. Qonaq gəlir bizə padişah qızı. Qorxmaz — Köməyə çağırır yəqin ki, bizi Əmoğlum hanı bəs, gözümə dəyməz? Qərənfil — Gəlməyib şikardan hələ Fəramərz. De görüm nəyin var təzə xəbərdən, Bəs nə tez qayıtdın uzaq səfərdən? Qorxmaz — Günümüz olduqca qorxulu gündür, Ordumuz çəkilir, düşmən üstündür. Dağılıb, məhv olub böyük bir dövlət Fəramərz deyərək qışqırır millət. Qərənfil — Niyə bəs Fəramərz gizlədir məndən, Qaçıb gizləndimi yoxsa düşməndən? Qorxaqsa gözündən tökülsün südüm Lə’nətə çevrilsin mənim öyüdüm. Qorxmaz — Deyildir Fəramərz burda müqəssir, Şahın özündədir bu hamı təqsir. Bütün sərkərdələr təhqir edilmiş. O səbəbdən işlər bu yerə gəlmiş. Qızlar və oğlanlar Maral oturduğu taxt-rəvanın qarşısında oxuya-oxuya gəlirlər. Qızlar — Bahar gəlir gülə-gülə, Dağdan qarı silə-silə Oynadıqca ağ buludlar, Dağ döşündə quzu otlar. Çaylar axar coşa-coşa Qırqavullar qoşa-qoşa Çam üstündə nəğmə başlar, Rəqsə gəlir al yoxuşlar. Qızlar oxuyub rəqs edirlər. Fəramərzin bacıları Maralın qolundan tutub düşürür və onu balkona çıxarırlar. Qərənfil — Xoş gəldin, şadlıqdan tutulur dilim, Ayağın altında qurban kəsilim. Ağrın ürəyimə otur rahat ol, Bilirəm incitmiş səni uzaq yol. Sənə qurban olsun bu yoxsul koma, Şərəf qazandırdın mənim oğluma. Maral — (Onun əlindən tutur.) Təqdirə layiqdir sən kimi ana, Qəhrəmanlıq dərsi verdin oğluna. Bəslədin elə bir qayıtmaz aslan, Onunla fəxr edir Azərbaycan. Təbrik eləyirəm səni ürəkdən, Razıyam, anacan, bu düz-çörəkdən. Qorxmaz — (Gəlib baş endirir) Şahzadə, etmisən bizi şərəfraz Maral — Səndəmi çəkildin cəbhədən Qorxmaz? Döyüş sənətindən səndəmi doydun? Düşmən qarşısında bizi tək qoydun? Mühit sənidəmi geriyə atdı? Sənindəmi qəlbin xalqını satdı? Qorxmaz — Nə edim şahzadə, çəkilir ordu, Bu sonsuz döyüşlər məni də yordu. Uduzduq, şahzadə, bu son səfərdə. Ordu pozulmuşdur, yoxdur sərkərdə. Hər kəs bir tərəfə baş alıb gedir, Düşmənə verilir ölkələr bir-bir. Vuruşsaq da yoxdur bizə bir fayda, Çünki düşmən satır bizi sarayda. Maral — Saraydan qovulmuş ölkə satanlar, Qorxmaz — Satmamış bir bucaq qoymamış onlar. Bir saray qalmışdır, bir də təxtü-tac, Xəstəlik böyükdür, tapan yox əlac. Milli qürurumuz məhv olmuşdur, ah, Təxtü-tac da gedər bu gün, ya sabah. Maral — Gedib xəbər verin Fəramərz gəlsin Ona qonaq gəldim üz döndərməsin. Doğrudur yaxşılıq görmədi bizdə, Qonağa hörmət var ənənəmizdə. Qərənfil — Bu cürə düşünmə, qurbanın olum, Şikara çıxmışdır dünəndən oğlum. Doğrudur vacibdir qonağa hörmət, Qonaq girməyən ev görməz bərəkət. Dönməz — (tələsik daxil olur) Gedib xəbər verdim, gəlir Fəramərz, Maral — (Sevinərək) Səndən çox razıyam qəhrəman Dönməz. Fəramərz — (Çiynində bir ceyran cəmdəyi daxil olur) Bu körpə ceyranın ətindən bir şiş Kabab çəkib yemək günah deyilmiş, Maral — (kənara) Dilində əzbərdir ceyran gəlməsi. Çınladı başımda keçmişin səsi. Ceyranı sevirmiş yoxsa pəhləvan? Ürəyim partlayır, qısqandım aman! Fəramərz — (Gəlib baş endirir) Xoş gəlib şahzadə bu yoxsul kəndə, Maral — Kəndiniz buraxır xatirə məndə. Fəramərz — Bir şe’r ilhamıdır bu şən mənzərə, Ceyranlı səhralar, şahinli dərə. Maral — Nə çox əzbər olmuş dilində ceyran. Fəramərz — Ceyran şikarını çox sevər insan. Maral — (Gülümsəyir) Ceyranı salarsan bəzən kəməndə Bəzən kəsilərsən bir elə bəndə... Fəramərz — Sevənlər belədir öz həyatında, Bəzən inləyəcək ayaq altında, Bəzən də salacaq ayaq altına, Gülmə sevənlərin bu həyatına. Maral — Kəndiniz bir şe’rin ilhamı kimi, Qoynuna almışdır mənim qəlbimi. Fəramərz — (Kəndin təbiətini göstərir) Bağlarının döşündə nar, dağlarının başında çam Bu dilrüba təbiəti yaratmışdır hansı rəssam? Səyyahların əzbəridir bu yerlərin təbiəti, Bir gün mahir sənətkarlar yazacaqdır bu sənəti. Bir gün sınmış kitabələr dirildəcək yenə bizi, Bu gözəllik yaşadacaq bizim nəcib nəslimizi. Bir gün qoyar bu nəcib xalq Fərhadının heykəlini Bayrağında gəzdirəcək Keaxsarın tunc əlini. Bir gün müdhiş hadisələr atsa bizi bu həyatdan Lakin böyük adımızı silə bilməz kainatdan. Maral — (Qəmkin bir vəziyyət alaraq) Artıq məhv oluruq bu kainatdan Silir hadisələr bizi həyatdan. Bizdən üz döndərir get-gedə iqbal, Bunun üçün gəlmiş yanına Maral. Fəramərz — Düşünün şahzadə, belədir iqbal, Bə’zən iqbal səni edər istiqbal Bə’zən də çevirər səndən üzünü, Dalınca düşsən də illər uzunu, Bir daha üzünü sana döndərməz. Maral — Keçənlər keçibdir, igid Fəramərz, Məktub gətirmişəm qoca Bəhməndən, Öz tərəfimdən də yalvarıram mən, Vur köhlən atına bir daha məhmiz. Nə üçün çəkildin, dağılırıq biz. Yalvarıram eşit xalqın səsini Qoyma od içində od ölkəsini. Fəramərz — Saray boşalmasa satıçılardan, Sərtac qovulmasa bizim diyardan, Şah tanımayınca dostu, düşməni, Dostlar cərgəsində görməsin məni. Qonağsan yerin var gözüm üstündə. Maral — Gəlmişəm yanına çətin bir gündə, Göz yum günahıma, məndədir təqsir, Bağışla, etmişəm mən səni təhqir. Burax şəxsiyyəti xalqına yanaş, Düşmənə buraxmaz qardaşı qardaş. Qərənfil — (Fəramərzə açıqlanır) Doğrudur varındır böyük cəsarət, Olmasa kişidə bir az nəzakət İgidlik, cəsarət nəyinə lazım? Qarşında qadındır, düşün, utan bir. Maral — (Fəramərzə) Al Bəhmən göndərən məktubu oxu. Qərənfil — (Fəramərzə) İgid ol, girməsin qəlbinə qorxu. Fəramərz — (Marala) Gedib rahat olun evdə bir qədər Çox çətin deyildir bu məsələlər. Qərənfil və qızlar Maralın qolundan tutub otağa aparırlar. Maral — (Fəramərzə) Tək bir sözünlədir mənim rahətim. Fəramərz — (Marala) Bəhmən nə yazmışsa var itaətim. Hamı gedir, Fəramərz, Qorxmaz və Dönməz qalır. Qorxmaz — (Fəramərzə) De görüm məktubda nə yazıb Bəhmən? Küsdünsə yetişər, məhv olur ölkən. Biz düşmən deyilik vətənə qarşı Atmaz yaman gündə qardaş-qardaşı. Fəramərz — Al oxu məktubu, ağla doyunca, İmdada çağırır bizi o qoca. Qorxmaz — (Məktubu oxuyur) Xalqınla bir ağla, xalqınla bir gül, Birliklə daima həll olur müşkül. Söylə qılıncını paslatdımı qın Gözün baxa-baxa döyülür xalqın. Şöhrət qazandığın vuruşmalarda Şirləri bağlayan kəməndin harda? Sındımı əmudun polad başlarda? Yoruldunmu yoxsa bu yoxuşlarda? Dözmürmü qalxanın yoxsa qılınca? Xalqın yorulacaq sən qalsan dincə. Bir zaman heyrətli lövhələr açdın, Tez şöhrət qazandın, tez qoyub qaçdın. Xalq çəkir adını yüz ehtiramla, Sən də xidmətini gəlib təmamla. Doğrudur qazandın ölkədə ad, san, Hələlik tarixə yazılmamısan. Cəbhəyə gedirəm son nəfəsimdə, Hələlik var təsir qoca səsimdə. Vəsiyyət edirəm, mən ölən kimi, Zəfər meydanında qazın qəbrimi. Fəramərz — (Fikirdən başını qaldırır) Düşmən vətənimdə at çapan dəmdə, Qalır məs’uliyyət mənim öhdəmdə. Bir daha icazə alım anamdan, Bir də köhlən atı çıxarım xamdan, Parlasın qılıncım qövsü-qüzeh tək, Əmudum başlardan çıxarsın şimşək. Qərənfil — (Gəlir) Deyin nədir səbəb uzun söhbətə? Məktubmu salmışdır sizi heyrətə? Fəramərz — Məzəmmət almışam qoca Bəhməndən, Anacan, incimiş o qoca məndən. Düşmənlər tapdayır vətənimizi, Çağırırlar yenə döyüşə bizi. Qərənfil — İndi ki, hiss edir vətən təhlükə, Get, oğlum, adına düşməsin ləkə! Fəramərz — (Qorxmaza) Dayanmayın daha atları çəkin, Gərək hərbə girək səhərə təkin. Polad Fəramərzin qərargahında şeypur çalır. Silahlanmış igidlər sürətlə gəlirlər. Qərənfil — (Fəramərzin qılıncını gətirir) Al yəhər qaşından bu qılıncı as, Atandan qalmışdır bu böyük miras. Fəramərz — (Qılıncı alıb baxır və qaytarır) Yaramaz, qısadır bu qılınc, ana, Qərənfil — Qısa qılınc lazım gənc pəhləvana. Qılınc qısa olsa qalmayır şübhəm, Atarsan irəli daha bir qədəm. Fəramərz qılıncı alır, Polad atını gətirir. O, atını minir, onun yanınca igidlər bayrağı aparırlar. Fəramərz — (Anasını öpür) Biz yola düşürük, qalın salamət. Əziz qonağıma göstərin hörmət. Fəramərz atı məhmizləyib gedərkən Maral otaqdan çıxıb onun dalınca baxır. Maral — Əgər atmasaydın mənim sevgimi, Sevərdim səni mən bir dəli kimi! Pərdə Səkkizinci şəkil Aysori imperatoru Saragoşun sarayıdır. Behnaz pəncərənin qarşısında qəmkin bir vəziyyətdə durub Dəclə çayına baxır. Behnaz — Dayan deyim dərdlərimi baş alırsan hara dalğa Yoxsa sən də tələsirsən yetmək üçün yara dalğa? Dur günəşin şəfəqləri döşlərinə vursun bəzək, Dayan, getmə, dərdli qızam, gəl məni də qoynuna çək. Çırpınırsan suya düşən bir qartalın qanadı tək, Hansı ovçu vurmuş sənin qanadına yara dalğa? Çırpınırsan sevgisindən məhrum olan bir qız kimi, Titrətdikcə oxşayırsan mənim məhzun ürəyimi. Tələsmə dur, bu sür’ətlə axtarırsan söylə kimi Sənindəmi günün olmuş saçım kimi qara dalğa? Söylə nədir döşlərindən dinlədiyim o həzin səs? Qəlbindəki döyüntülər, çırpıntılar nədəndir bəs? Bir dilə gəl, sevgindənmi məhrum etmiş səni bir kəs? Yoxsa sən də çəkilmisən saçlarından dara dalğa? Behnaz bu sözləri danışarkən qardaşı Şəhriyar sütunun dalında durub eşidir. Behnaz əllərini gözlərinin üstünə qoyub Dəclə çayına atılmaq istərkən Şəhriyar onu tutur. Şəhriyar — Dayan bədbəxt bacım, bu qorxaqlıqdır, Yaşamaq mümkünsə ölüm artıqdır. Qovulduq mehriban vətənimizdən, Taxtımız-tacımız alındı bizdən. Səni sarayından qovdu Astiaq, Məni də rədd etdi o doğma torpaq. Qaçıb bu ölkəyə pənah gətirdim. Behnaz — Mən də əsirliyin qoynuna girdim. Şərəfli bir həyat deyildir mümkün, Burda ölüm gəlir həyata üstün. Şəhriyar — Alınmaz qəl’ədir, bu möhkəm qəl’ə Gəlsə yüz Fəramərz verilməz ələ. Kim qalib gələcək Sarağoş şaha? Qəl’əni gözləyir yüz min əjdaha. Fəramərz yorulub düşübdür candan, Kömək gəlmir ona Azərbaycandan. Çəkilib gedəcək bu gündür, sabah, Çalış razı qalsın səndən padişah. Behnaz — Razı qalmayacaq Fəramərz məndən, Nicat gözləmirəm mən o düşməndən. Şəhriyar — Vəfa göstərmədi sənə Astiaq. Behnaz — Vəfasız da olsa deyildir alçaq. Şəhriyar — Utan, etmədimi o səni təhqir? Behnaz — Hiylə qurbanıdır, deyil müqəssir. Sən xain çıxmısan o doğma yurda, Mən də xanım deyil, əsirəm burda. Özün satılmışdın, məni də satdın, Azad bir qadından əsir yaratdın. Şəhriyar — Təslim ol ərinin iradəsinə, Astiaq səs verməz sənin səsinə. O məğlub olacaq, nicat müşküldür, Təslim ol ərinə, baxtını güldür. Səndən asılıdır mənim iqbalım. Behnaz — Utan dediyindən, satıcı zalım. Təslim olmayacaq düşmənə Behnaz Özüm də ölərəm, o da sağ qalmaz. Məğlub olmayacaq Azərbaycan. Şəhriyar — (Gedərkən) Harda qaldı şərəf, nə oldu vicdan?! Behnaz — (tək qalır) Gənc ikən bu iqbal məni aldatdı, Azad vətənimdə məhbəsə atdı. Bir xatirə qaldı Kür qırağından, O çan yaylağından, Kəpəz dağından. Coşqun şəlalər ağlayır mənsiz, Bülbüləm yuvasız, quşam vətənsiz. Kür çayı coşanda, qar əriyəndə Quzular mələşib girəndə kəndə, Şadlığa qərq olub gəz Qarayazı Xatırla Behnazı, əsir Behnazı. Beba — (Daxil olur) Şad etməsin səni bu vuruşmalar, Unutma ki, burda rəqibin də var. Burdan xilas olmaq daha çətindir, Ölümə hazırlaş, son saatındır. Behnaz — Nə demək istərsən bu ehtirasla? Rəqibim deyilsən, danışma əsla! Beba — Şöhrətim var mənim aləmdə, gözəllikdə təkəm, Gözələm, hüsn səmasında bir afət mələkəm. Od tutub yandı günəş çöhrəmə saldıqda nəzər Ay görüb alnımı Məcnun kimi göylərdə gəzər. Sərvlər bağda mənim qamətimin kölgəsidir. Bağçadan dinlədiyin sanma ki, bülbül səsidir, O mənəm, bülbülə dərs verdi mənim incə səsim. Gül alıb rəngini çöhrəmdən, ətirdir nəfəsim, Günəşəm, hər baxışımdan alır ulduzlar işıq. Dəli ceyranlar alır göz bəbəyimdən yaraşıq. Bu gözəlliklə mənim qarşıma çıxdın sən əbəs, Öl, yerindir bu əziyyətli, bu ziynətli qəfəs! Behnaz — Sevgin səni çevirmiş bir xəyalpərəstə, Xəyalpərəst olanlar da bir cürə xəstə. Lovğalıq da çirkinliyin bir hissəsidir, Səsin bülbül səsi deyil, bayquş səsidir. Nə ulduzlar şəfəq almış gün baxışından, Nə ceyranlar dərs almışdır yaraşığından. Çox dəm vurma gözəllikdən, adi bir qızsan, Lovğalanmaz gözəl insan, vüqarlı insan. Beba — Astiaqı gətirrəm yanıma bir qul kimi, Bir əsir tək yalvarıb öpəcək ayağımı. Sənin yanında onun tacını ayaqlaram, Sarayda ər kimi yox, əsir kimi saxlaram. Behnaz — Bu gün gələcək sənin hüzuruna Astiaq, Səni də, atanı da bu gün əsir alacaq. Qalmayacaq bir əsər bu şeytan yuvasından. (Gülür) Təzədən qoyacaqdır Astiaq sənə nişan. Fəramərzin qoşunları qalanın divarlarından həyətə düşməyə başlayırlar. Həyətdə vuruşma gedir. Beba xəncəri çəkib Behnaza hücum edir. Beba — Bilirəm məhv edər məni təhlükə, Öldürrəm sən dəxi olma məlikə. Behnaz — Sən məhv olacaqsan ona yox şübhəm, Bacarsan gəl öldür, durmuşam möhkəm. Bıçaqları çəkib bir-birlərinə hücum edirlər. Beba — Səni sağ qoymaram son dəqiqəmdə, Ağlasın Astiaq təzə matəmdə. Behnaz — (Bıçaqla onu öldürür) Arzuna çatasan öz əməlində, Ölsəm də ölərəm adam əlində. Beba qışqırır, yıxılır, səsə otaqlardan qız və qadınlar gəlir. Onlar meyidi görüb, qışqırıb qaçırlar. Behnaz qapını açıb çıxmaq istərkən qapıların daldan bağlandığını görür, Behnaz meyidə baxaraq gülür. Nineva sarayının günəşi söndü, Deyəsən dünyanın məhvəri döndü. Günəşə üstündür müqəddəs atəş, Ey müqəddəs Hürmüzd bitir keşməkəş. Haman — (Əlində qılınc silahlı nökərlər ilə daxil olur. Behnaz bıçaq əlində bucağa qısılır). Arran sarayından səni qovdurdum, Qəlbinə sağalmaz bir yara vurdum. İndi sənə vurum elə bir yara, Qanın zinət versin bu divarlara. Behnaz Hamanla vuruşarkən Fəramərz adamları ilə daxil olur. Fəramərz — Dayan, tərpənməsin yerindən bir kəs, Qırılır zəncirlər, dağılır məhbəs! Dayanın, dəyişir həyatın rəngi Pozulur sarayın köhnə ahəngi! Vuruşurlar, Fəramərz Hamanı öldürür, özü də başından yaralanır. Behnaz — (Fəramərzə) Qüvvət versin sənin qoluna Yəzdan! Fəramərz — (Baş endirir) Şahzadə hökmdar gəlir bir azdan. Behnaz — Bu son zəfərindən sevindim qəlbən, Nicat verdi mənə böyük qələbən, Üstümə gülərdi əsirlik, ölüm, Yəzdana min şükür açıldı qolum. Fəramərz — (Sarayı gözdən keçirir) Əsir dünyasıdır gözəl otaqlar, Tavus qanadı tək bəzənən taqlar Qanlı bir tarixin kitabəsidir, Gəlin məzarıdır, qız türbəsidir. Nə qədər müdhişdir mərmər sütunlar, Əsir kəmiyindən düzəlmiş bunlar. Qapılar açılır, əsirlər salona daxil olur, Fəramərzə dua edirlər. Qızlar və qadınlar — Qüvvət versin sənin qoluna Yəzdan! Qırıldı zəncirlər, dağıldı zindan. Yüzlərlə qız, qadın burada inlər, Yolunu gözlərdi əsir gəlinlər. Astiaq — (Silahlı adamlar ilə daxil olur) Zəfərin mübarək böyük qəhrəman, Minnətdardır sənə Azərbaycan. Aldın əsirlikdən nəcib xalqımı, Sevirəm səni mən öz ruhum kimi. (Astiaq məlikəsini görür) Sevgili məlikəm, məni bağışla Qəlbimi ələ al məsum baxışla. Behnaz — (Başını qaldırır) Keçənlər keçibdir, dostunu tanı, İradə yaşadır şahım, insanı. Fəramərzin qardaşı Dönməz, əmisi oğlu Qorxmaz əsir edilmiş padşahları, Astiaqın vəziri Sərtacı və qaynı Şəhriyarı gətirirlər. Fəramərz — (Əsirləri təqdim edir) Aysoru şahıdır qabaqda duran, Bu Akad şahıdır, bu biri İran, Bu da Askitlərin hökmdarıdır, Bu da ki, Cənubun Şəhriyarıdır. Şəhriyar — (Bacısı Behnaza) Qurtar məni Behnaz bu təhlükədən, Qurtar, baş götürüm, gedim ölkədən. Behnaz — (Onu rədd edir) Ayrıldın vətəndən, məndən, millətdən, Ölümlə çıxarsan bu rəzalətdən. Fəramərz — (Padşaha baş endirir) Şahın düşmənlərini, döydüm, intiqam aldım, İcazə ver qayıdıb öz yaramı sağaldım. Səninlə barışmıram, düşmənliyimdə varam. Astiaq — Təbibləri çağırın, yaralıdır qəhrəman! Çərrahları gətirin, hazır eləsin dərman! Fəramərz — Bağışla, hökmdar, ərzim var mənim, Əlimdə qalmamış ixtiyar mənim. Aləm təbib olsa sağalmaz yaram, Üstümə gəlməsə nazlı yar mənim. Ceyran və Maral irəli keçib başlarından dəbilqəni götürürlər, saçları çiyinlərinə tökülür. Maral — (Fəramərzə) Qəbul etsən əgər mənim sevgimi, Əlinə tapşırram, öz ürəyimi. Fəramərz — (Üzünü Ceyrana tərəf çevirir) Gəl yaramı bağla sevgilim Ceyran, Bir kəlmə söz deyib, ver mənə dərman. Ceyran — (Onun başının yarasını bağlarkən utana-utana) Sevirəm! Fəramərz — Nə qədər dadlı bir kəlmə! Ey təbib, bir daha üstümə kəlmə! Artıq öz təbibim üstümə gəldi, Unutdum yaramı, ruhum dinçəldi. Maral — (Ceyrana) Sənə əmr edirəm, çəkil sevgindən, Çıxar Fəramərzi öz ürəyindən, Onu mən sevirəm illərdən bəri. Ceyran — (gülür) Təbrik eləyirəm bu sevgiləri. Fəramərz — Sevmək istəmirdin bir rəiyyəti, İndi nədir doğan bu məhəbbəti? Ərə getmək üçün şah axtarırdın, Şahlar hüzurunda məqsədə vardın. Sənin əlindədir bu padşahlar, Əfv edilməyəcək keçən günahlar. Ceyran — (Onun yarısını bağlayır) Dayan bir dəqiqə, böyük qəhrəman, Bağlasın yaranı sevgilin Ceyran. Fəramərz — Ey ürək, çırpınma, rahat ol bir an, Axıb gözlərimə tökülmə ey qan! Qoy baxım doyunca nazlı yarıma, Zəfərlə qayıdım öz diyarıma. (Fəramərz yenə də Marala baş endirib Ceyranla bərabər gedir). Astiaq — (Fəramərzin dalınca) Mənim ölkəm üçün bir iftixarsan, Təəssüf olsun ki, çox inadkarsan. Maral — (Fəramərzin və Ceyranın dalınca) Əbəs mail oldum şöhrətə, ada, Sevgi nə şah anlar, nə də şahzadə. (Başını sarayın sütununa söykəyib ağlayır.) Pərdə. * * * == Bu da bir mö’cüzə == Bu da bir mö’cüzə (Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.) Əsərdə iştirak edənlər Hüseyn – komsomolçu, kolxoz üzvü. Qulaməli – komsomolçu, kolxoz təşkilatçısı. Əli kişi – ortabab kəndli, kolxoz üzvü. Şə’ban kişi – yoxsul kəndli, kolxoz üzvü. Güllü – komsomolçu qız. Qasım – qolçomaqlar. Nəzər – qolçomaqlar. Abdulla – qolçomaqlar. Rüstəm – qolçomaqlar. Saleh – qolçomaqlar. Cəlal – qolçomaq Qasımın nökəri. Tərlan – Qasımın ev qulluqçusu. Molla Nəcəf – kənd mollası. İskəndər – avam kəndli. Qüdrətəli – avam kəndli. Səlim – kənd şurası sədri. Xələf – kolxoz üzvü. İki nəfər milis. Bir dəstə kəndli. * * * Birinci pərdə Birinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır. Qolçomaq Qasım əlində təsbeh evi dolanır. Qasım — (kəndlilərə) And olsun bu Kərbəla türbətinə, (əlini vurur təsbehə) siz bilirsiniz hər şeyə yalandan and içmək olsa da, bu təsbehə olmaz. Öləndə də bizi qurtaran budur. Yenə and içirəm. Mənim siz kəndlilərə yazığım gəlir. Yoxsa, mənə nə vardır? Mən hər çür olsa, köçümü sudan çıxaracağam. Hüseyn — Bəs elə isə, nə üçün iki put un verib bağçamı əlimdən çıxaranda mənə yazığın gəlmədi? Qasım — (gülür və məclisə deyir) Bax, indi mən deyənlər bir-bir zühura gəlir. Mən sizə demişdim ki, birisinin ağlı qaçmasa, allahı danmaz. Birisinin başı xarab olmasa, gedib komsomola yazılmaz. Birisinin ağlı qaçmasa malını şərikli eləyib, ağrımaz başına dəsmal bağlamaz. Budur, bax, bu Hüseyndən nümunə götürün! Hüseyn — Çox gözəl, qoy nümunə götürsünlər. Qasım — Bəli, nümunə götürsünlər. Hərkah sən dəli olmasan, gətirib alver işini bura qatmazsan. (Məclisə) Siz allah heç bunun bir məsələyə dəxli varmı? Nə var, nə var, buna iki put un vermişəm və bağçası da mənim behimə çıxıbdır. Siz allah, bir bunun ağlına baxın! Hüseyn — Sən öləsən, heç təsbehi-zadı aralığa çəkmə! Kərbəlanın özü də gəlsə, sizin işinizə kömək etməz. Daha cib doldurmağın vaxtı deyildir. Qasım — Balam, de görüm, axır səni bura kim çağırdı? Qoymazsınız xalq qohum-qardaşını yığıb ölüsünə bir həmd-surə oxutdursun? Hüseyn — Yox, məsələ ölü məsələsi deyil! Həmd-surəni bu diri ölülərə, bu avam kəndlilərə oxumaq istəyirsən. Onu da ki, biz qoymayacağıq. (Barmağını silkələyir). Gözünü yaxşı aç və məni tanı! Qasım — Ada, sən nəçisən! Ay lütün birisi, qoy o adam danışsın ki, onun bir şeyi olsun. Nəyin sahibisən? Hüseyn — Mən? Qasım — Bəli, sən! Hüseyn — (gülür) Əvvələn budur ki, heç bir zadım olmasa da, səsim vardır. İkincisi isə hökumət mənimdir. Adamın gözünü çıxararam! Qasım — (gəlib oturur yerində) Mən heç! Allah atana rəhmət eləsin. Hüseyn — Öz atana rəhmət eləsin. Qasım — İndi ki, bizim öz evimizdə də danışmağa haqqımız yoxdur, daha nə danışaq? Əli kişi — (Hüseynə) Ay Hüseyn, sən olasan vicdanın, qoy görək Qasım nə demək istəyir? Hüseyn — Qoy desin. Mən onun ağzını tutmamışam. Ancaq dediyim odur ki, yekəağız danışmasın. Qasım — (açıqlı qalxır). Mən yekəağız danışmıram. Yekəağız sənsən ki, 60 yaşında atan burada otura-otura sən ağzına gələni danışırsan. Hüseyn — Atam kimi avam adamları başa salıb sizin fırıldaqlarınızı onlara qandırmalıyıq. Qasım — Burada bir fırıldaq yoxdur. Mən deyirəm ki, camaat bir kor öküz və bir çolaq atını da əldən çıxarmasın. Kommunist firqəsi özü deyir ki, qoy hər kəs özü işləyib, özü yesin. Daha nə kolxoz bazlığdır? Hüseyn — Bax, fırıldaq da bundan ibarətdir. Hərkah kor öküzlü və çolaq atlılar tək başına qalarsa, o vaxt siz onları rahatçasına boğub özünüzə qul qayırarsınız. Elə ki, kolxoz oldular, onda kor öküz dönüb traktor olacaqdır. Çolaq atların yerində əkindən, toxumtəmizləyən maşınlar qoyulacaqdır. Onda fatihəni və həmd-surəni sizə oxuyacağıq. Qasım — Əlbəttə, sənə əl verər. Çünki sənin bir pişiyin də yoxdur. Hüseyn — (gülür) Mənim hər şeyim vardır. Kooperativim vardır. Kredit cəmiyyətim vardır. Kənd təsərrüfat bankım vardır. Birisi malını, heyvanını gətirər; o birisinin də əvəzində hökumət kredit verər. Borc maşın verər. Qasım — Xəyalpilov! Nəzər — Boş və quru vədə. Abdulla — Göz boyamaq! Qulaməli — Biz kolxozda heç bir şey itirmirik. İtirdiyimiz bir şey varsa, o da sizin ağır sələmli borclarınız və söyüşlərinizdir. Kolxoz olmağı bizə heç kəs təklif etməsə də, onu həyatımız tələb edir. Sizinlə və ehtiyacla mübarizə üçün indi bir əl kifayət deyildir. Qasım — (oxuyur) Sən get özün bir kərə Kolxoza gir, Qulaməli! Kəndlilərə rəhm edib Qazma qəbir, Qulaməli! Kəndliləri qoy qala Öz komasında, ağa. Kolxoz işin qoy qala. Bə’zi para axmağa. Hüseyn — (Qasıma) Öz başına noxta vur, Yoxdu daha köhnə kənd. Qulaməli — Oldu sənin son günün Qursan əgər əlli fənd. Əli kişi — Yoxsul eşitməz səni, Əvvəli bir şir idin. Şə’ban kişi — Əvvəli bir şir idin, İndi tökülmüş dişin. Qasım — Vallah! Billah! And olsun Atam ağa Şərifin sümüklərinə. Hüseyn — Salavat çevirin! Qasım — Eşidəndə ki, birisi kolxoza girib, lap ağlamağım gəlir. Mən heç vaxt bunların dağılmasını istəmirəm. Qulaməli — Bu kimi tülkü dillərini qoy dursun. Kəndlini sizdən başqa heç kəs dağıtmaz. (Şə’ban kişiyə) Şə’ban kişi, düzünü söylə, sən iki ildir ki kolxozdasan. Mənfəətdən başqa nə görmüsən? Şə’ban kişi — (qalxır) Mən yoxsul kəndliyəm. Yaltaqlıq zad da bilmərəm. Öz əlimin bərəkətindən hökumətə də ehtiyacım yoxdur. Bu kənd hamısı bilir ki, mənə çılpaq Həsənin oğlu deyirlər. (Qasıma) Əlbəttə, bu adı da sizin kimi qolçomaqlar mənə qoymuşdu. Çünki soymalı bir şeyim yox idi. Amma indi bu ayaqqabılarım! Baban patinka geyməyibdir. Bu əynimin paltarı! Evimdə illik azuğam. Qəndim, çayım. Bax bu da cibimin pulu! (Bir dəstə çervon göstərir.) Qüdrətəli — Onlardan mənə də verərlərmi? Şə’ban kişi — Niyə vermirlər? Kooperativ bizim deyilmi? Doğrusunu deyirəm, hər yeri dişimə vurub naümid olandan sonra gedib kolxoza yazıldım. Kaş bu, beş il qabaq olaydı! Əli kişi — (kəndlilərə) Vallah Şə’ban kişi doğru deyir. Keçən qış mən həman bu Abdullanın özündən üç put un istədim. Dedi ki, qızını verməsən verərəm. Məclisdən — Tfu, sənin zatına lənət! Hüseyn — (qalxır) Bax, indi məsələ aydınlaşdı. Hökumətin cibi sizin cibinizdir. Pul lazım olanda oradan götürün! Pulu salanda da öz cibinizə salın. Qulaməli — Yoldaşlar! Qasım — (qalxır). Otur yerə, qardaş! Otur! Mənim evim qiraət komasi deyil ki, yerindən qalxan durub boşboğazlıq eləsin. İclasınızı aparın ora. Kəndlilər — Qoy danışsın! Qulaməli — Əvvələn budur ki, heç darıxma! (məclisə) Yoldaşlar! Torpaq yalnız biz kəndlilərin öz qarnını doydurmaq üçün deyildir. Abdulla — Bəli, fabrikdə lotu-potulara çörək borcluyuq. Qulaməli — (əynini-başını göstərir) Yoldaşlar! Bunları toxuyub kəndə göndərənlər də bizdən çörək istəyirlər. Abdulla — Cəhənnəmə istəyir, qora istəyir. Qulaməli — Biz kolxoz vasitəsilə istehsalı artıra bilməsək, onlarla olan əlaqəmiz möhkəm olmayacaqdır. Nəzər — Heç olmasın. Dibindən olmasın. Qulaməli — Siz bu qarnı piyli tülkülərin sözünə baxmayın! Qolçomaqlar — Tülkü atandır. Tülkü özünsən! Şə’ban kişi — (Hüseynə) Heç bir-birinizə dəyməyin! Sən götür bir kağız. Hər kəs kolxoza girmək istəyir, adını yaz! Hamı birdən — Yazılırıq! Yazılırıq! Hüseyn əlində qələm irəli keçir. Qasım — (tələsik qalxır ayağa). Deyin görüm müsəlmansınız ya yox? Məclis — Müsəlmanıq! Qasım — Qur’ana inanırsınız ya yox? Məclis — (bə’zi səslər) Əlbəttə inanırıq. Qüdrətəli — Qur’anın burada nə işi vardır? Qasım — Necə nə işi vardır? (Cəlala.) Ada Cəlal! Tez get məscid həyətindən Molla Nəcəfi çağır! Qoy bir istixarə eləsin. Hərkah yaxşı gələrsə, özüm də girəcəyəm. Qulaməli — Kolxozda töylə yoxdur! Qasım — Heyvan özünsən! (Cəlala) Ada, durma, get! Hüseyn — Ay avam kəndlilər! Qur’an hara, kolxoz hara? Şəriət hara, təsərrüfat hara? Hərkah Qur’ana baxsaq, mülkədarların torpaqlarını da özünə qaytarmalıyıq. Qasım — Biz hamımız müsəlmanıq. Allaha şükür, dinimizdən, məzhəbimizdən əl də çəkməmişik. Qur’an nə desə, odur. Mənim atam-anam onu bizə gətirənə fəda olsun. (Molla Nəcəf gəlir.) Bax, indi sözün doğrusunu allahın kəlamı söyləyəcəkdir. Hüseyn — (oxuyur) Molla Nəcəf, yubanma! Eylə bir istixarə! Bərkə düşüb qolçomaq, Dərdinə eylə çarə. Qulaməli — Əski həyat ölməyə Başladı, durma, molla! Dinc oturub boş yerə Boynunu burma, molla! Hüseyn — Molla Nəcəf yardım et, Müştərək oldu torpaq. Bu işə əngəl quran Dördcə nəfərdir ancaq! Şə’ban kişi — İldə taxıl yığırdın Müftə, müsəlləmcə sən. Aç kitabı, çarə tap, Yoxdu xüsusi xirmən. Qolçomaqlar — Bunlara asma qulaq, Çünki müsəlman deyil. Hər biri bir komsomol, Sahibi-vicdan deyil! Molla Nəcəf salavat çevirir və qur’anı açır. Kəndlilər — Yə’ni nə olmuş ki? Molla Nəcəf — Sakit olun! Allahın kəlamına mütəvəccih olun! Xudavəndi-aləm öz kəlami-şərifində buyurur ki, «La-xeyrə fi həzihil ümur» Kəndlilər — Yə’ni nə olsun ki! Molla Nəcəf — Xudavəndi-təbarək və taala öz qur’ani-şərifində buyurur ki, bu işdə xeyir yoxdur. Abdulla — E’tiqadı olmayanın zati-südünə lə’nət! Nəzər — Xudavənda! Səni tanımayanları öz qəzəbinə giriftar elə! Qasım — (kəndlilərə). Buyurun! Bu allahın kəlamı, bu da siz. Bunu da mən özümdən deyirəm? Kəndlilər bir-birlərinə baxırlar. Rüstəm — (bayırdan çığıra-çığıra gəlir). Mö’cüzə oldu! Mö’cüzə oldu! Kəndlilər ayağa qalxır. Molla Nəcəf — (tələsik). De görüm, ey allahın bəndəsi, nəcə mö’cüzə! Məkər nə vaqe olubdur? (Camaata.) Camaat, salavat çevirin! Camaat — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Rüstəm — Xələf Heybət oğlu dünən özünü kolxoza yazdırdığı üçün bu gün atı daşdan düşüb ölmüşdür. Molla Nəcəf — Bir salavati-qərra daha! Məclisdən — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Molla Nəcəf — Xudavənda! Sən mö’minlərin canını, malını öz hifzi-himayətində saxla! Qasım — Bəli, bu da mö’cüzə! Kəndlilər həyəcana düşürlər. Molla Nəcəf — And olsun o çağırdığım Hüseynə! And olsun çahardah mə’sumə! Mənə yəqin olmuşdur ki, bizim kəndi bəla tutacaqdır. Abdulla — (tələsik). Molla Nəcəf, məkər yenə xəbər vardır? (Öz-özünə) Sübhanəllah! Xudavənda, sən bizə nicat ver! Molla Nəcəf — (boğazı tutula-tutula). Dünən gecə xiftən namazını qıldım. Başım səcdədə bu yazıq xalqın halını düşünürdüm. O fikir içində məni yuxu apardı. (Əllərini göyə tutur) Xudavənda, sənə pənah aparıram! Qolçomaqlar — Molla Nəcəf, nəql elə, daha bizdə taqət qalmadı. Molla Nəcəf — Elə ki, huşa getdim onda gördüm ki, kəndin üstünü bir qara duman tutmuşdur. Tüstünün kənarında bir ağ atlı durmuşdur. Qolçomaqlar — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Molla Nəcəf — Ağ atlının başında yaşıl əmmamə. Barmağını hara tutursa, alovla tüstü də o tərəfə hücum edir. Qolçomaqlar — (ağlaya-ağlaya) Molla Nəcəf, bəs, sonra necə oldu? Molla Nəcəf — Həzrətin ayağına yıxıldım. Yalvardım. Amma həzrət məndən üzünü çevirdi. Saleh — (Bayırdan çığıra-çığıra gəlir) Mö’cüzə! Mö’cüzə! Mö’cüzə! Molla Nəcəf — (Əllərini göyə qaldırır) Xudavənda! Bu nə müsibətdir? Bu nə bəladır? Yenə nə mö’cüzədir? Saleh — Nə olacaqdır? Bu gecə Şahverdinin nənəsi Nisa qarı görmüşdür ki, göydən bir odlu bulud düşdü. Buludun içindən əlində oddan məş’əl olan bir zat çıxmışdır. Molla Nəcəf — Allahın bəndəsi! Tabım kəsildi. Dalını söylə! Saleh — Həman nurani kimsə əlində məş’əl kolxozun taxıl tayalarına tərəf getmişdir. Bir neçə dəqiqə içərisində taxıl tayalarını yandırıb yenə də buluda minib gözdən qeyb olmuşdur. Qolçomaqlar — Bu da bir mö’cüzə! Molla Nəcəf — Ey mö’minlər, qorxun allahın qəzəbindən! Qayıdın allahın yoluna! Kəndlilər heyrətlə bir-birlərinə baxırlar. Qasım — (məclisə) Buna sözünüz nədir? Göylər, buludlar, qəzavü-qədər ki, bizim ixtiyarımızda deyildir. Yenəmi gözünüzü açmayacaqsınız? Yenədəmi bu gədə-küdənin sözünə baxacaqsınız? Deyin görüm, indi sözünüz nədir? Şə’ban kişi — Mənim özgələrlə işim yoxdur. Ancaq dediyim odur ki, nə qur’an, nə də mö’cüzədən qarın doymaz. Təsərrüfatı qaldırmaq və əl-ələ vermək lazımdır. Qolçomaqlar — (kəndlilərə baxıb oxuyurlar) Biz demədikmi kolxoz, Fayda verən şey deyil. Biz demədikmi, kişi, Şaşma, bu işdən çəkil! (Şə’ban kişiyə) İndi necə bax, sizə Eyləmiş allah qəzəb. Söyləmədik: kolxozu Kəndimizə salma dəb?! Molla Nəcəf — Molla Nəcəf heç zaman, Söyləməmişdir yalan. Molla deyir daima, Sən ulaq ol, mən palan. Hüseyn — Anlamışam mən nədir Molladakı mö’cüzə. Yüz belə mö’cüz çıxa Faidə verməz sizə. Qulaməli — İş belə getməz, sizin Masqaları yırtarıq, Aləmi mö’cüz tuta Biz sözümüzdə varıq! Hamı komsomolçular birdən oxuyurlar: Tutmadı baş hiylələr, Anlaşılıbdır tələ. Köhnə zamanlar keçib, Həll olunub məsələ. Pərdə düşür. * * * İkinci pərdə Əhvalat vaqe olur kənd qiraət komasında. Şə’ban kişi fikirli bir surətdə oturub çubuğunu çəkir. Komsomol Hüseyn komanın o tərəf-bu tərəfini dolanır, həyəcanlı bir surətdə fikir edir. Hüseyn — (Şə’ban kişiyə). Qolçomaqların tülkülüyünə baxma! Onlarla mübarizə aparmaq o qədər də çətin deyildir. Əvvələn, budur ki, kəndlilərin gözləri açılır, ikincisi də torpaq və su bizim ixtiyarımızdadır. Şə’ban — Yox, Hüseyn, elə düşünmə! Fikirləşmək lazımdır. Bu gün kolxozun taxılını yandırarlar. Sabah atını daşdan atıb öldürərlər, bu biri gün traktorun vintlərini oğurlarlar. Daha onda bizim nəyimiz qalar? Hüseyn — Heç fikir eləmə! O qədər olsun ki, işin izini tapım. Onda bir at əvəzinə yüz at alacağam. Onları vardan-yoxdan çıxaracağam. (Gəlib əlini vurur çiyninə). Qorxma! Sənə söz verirəm ki, hər şey düzələcəkdir. Qulaməli — (daxil olur və məclisə söyləyir). Siz öləsiniz, bizim aramızda candan tikan çıxaran və işləyən adamlar çox azdır. Bu gün səhərdən yenə də Qasımın evində iclasdır. Nə qədər çalışdımsa, yenə ora göndərməyə bir adam tapa bilmədim. (Gəzişməyə başlayır). Nə isə bir şey öyrənə bilmədim. Hüseyn — Heç naümid olma! Bizim içərimizdə işləyənlər də vardır. Qasımın da evində adamımız yox deyildir. Qasımın ev qulluqçusu bizim tərəfimizdədir. O, batraq qızıdır. Xüsusən neçə gündən bəridir ki, Güllü yoldaş bu işin üstündə çalışır. Şə’ban — (sevinçək qalxır). Güllü bacını kişi gördüm. Qulaməli — Güllünün bir eybi budur ki, Hüseynə ərə getmək istəmir. Şə’ban kişi — Doğrusu, mən siz komsomolların işindən baş çıxara bilmirəm. Hüseyn də dəlidir, Güllü də. Yeməkləri bir yerdə, işləmələri bir yerdə, gülüb-danışmaqları bir yerdə, gülüşür, zarafatlaşırlar, elə ki, evlənmək, ərə getmək adı gələndə ikisi də deyir ki, biz yoldaşıq. Qulaməli — İkisi də bizi aldadırlar. Mən bilirəm ki, dərsdən qurtarandan sonra evlənəcəklər. Hüseyn — İndi evlənmək, ərə getmək vaxtı deyildir. Qabağımızda böyük vəzifə durur. Biz ikimiz də yoldaşıq. Hərkah məni həmişəlik yoldaşlığa qəbul edərsə, sözüm yoxdur. O mənim düşündüyüm kimi düşünməzsə, yenə də möhkəm yoldaşlığımız yerindədir. Güllü — (gəlir) Mən sizə dedim ki, hərkah bu tülkülərin yuvasını dağıtmasam, başımdakı qırmızı çalma, köksümdəki «KİM» mənə haram olsun. Dedimmi, ya yox? Məclisdən — Bəli, dedin! İndi necə olub ki? Güllü — Mən sizə dedim ki, hərkah bu qolçomaqlardan intiqam almasam, bir də bu komaya qayıtmayacağam? Məclisdən — Bəli, dedin! Hüseyn — (yüyürüb qarşı-qarşıya Güllünün əllərindən tutub soruşur) Hələ bu qədər öz şücaətindən demə! Doğrusunu və qısasını de görüm, nə iş görmüsən? Güllü — (barmağilə qırmızı kuşədə Lenini göstərir) Lenin yoldaşa söz vermişdim. İndi ondan xəcalətli qalmadım. Mən! Mən! (Əlini sinəsinə vurur). Vəzifəmi bitirmişəm, caniləri tapmışam. İndi onlardan bütün tarixin intiqamını alacağam. Ölənlərin, namusu ayaqlananların, malı, hüququ paymal olanların haqq-hesabını onlardan istəyəcəyəm. Qulaməli — Güllü yoldaş, bəsdir, bağrım çatladı. De görüm nə qayırıbsan? Güllü — Xələf heybət oğlunun atını daşdan atıb qılçasını sındıran Rüstəm özüdür. Taxılı yandıran Salehdir. Traktorun parçalarını oğurlayan Qasımın nökəri Cəlaldır. Bu gecə də gedib taxıl anbarını yandıracaqlar. Hüseyn — (bağırır) Atalarına bu saat od vuraram! Güllü — (əlini qoyur Hüseynin döşünə) Elə olmaz. Hay-küy salsan heç bir mənfəət çıxmaz. Səbr et! Necə deyirəmsə, elə də etmək lazımdır. (Şə’ban kişiyə) Bu saat gedib kənd şurasının sədrini taparsan. Bir nəfər milislə bərabər Əli kişini də götürüb anbarın ətrafında olarsan. Onlar əllərində neft qabı anbarı yandırmağa gələcəklər. Düz-doğru dutub bura gətirərsiniz. Şə’ban kişi — Bəlkə gəlmədilər. Onda necə olsun? Güllü — Tez get! Yoxsa anbarı yanmış görərsən. Bir kimsəyə demə! Kənd şurasının özünü də harda gördünsə daha gözdən buraxma! (Məclisə) İndi qaldı başqa məsələlər. Hüseyn — Nə kimi məsələlər? Güllü — (Qulaməliyə) Düz-doğru gedərsən, Abdullanın anbarından traktorun parçalarını bir meşoka doldurub verərsən Abdullanın dalına, gətirərsən bura. Qulaməli — Təkmi gedim? Güllü — Yox! İndi komsomolçulardan çağırmışam, bura gələcəklər. Qulaməli — Güllü yoldaş! Dediklərin doğru olsa daha sənə şübhəm qalmadı. Bir neçə komsomolçu daxil olur. Güllü — Qulaməli hara gedərsə, onunla bərabər gedin! Qorxmayın! Fəqət ehtiyatlı olun! Kəndlilər yavaş-yavaş komaya daxil olurlar. Qulaməli komsomolçularla gedir. Qüdrətəli — Yəqin ki, allahın bəlası bizi dutubdur. Bu gün Molla Nəcəf yenə yuxu görübdür. Çayçı dükanında danışırlar ki, yenə bəla nazil olacaqdır. Xalq qorxuya düşmüşdür. İskəndər — Qəribə burasıdır ki, onun yuxusunun heç birisi də yalana çıxmamışdır. Güllü — Bəs indi ki, o, qeybdən xəbər verən və hər bir şeyi bilən adamdırsa, nə üçün özünə bir gün ağlamamışdır? Peşəsi dilənçilikdir. Qüdrətəli — Necə dilənçilikdir? Güllü — Bəli, lap dilənçilikdir. Lap da rəzil dilənçidir. Qüdrətəli — O öz elminin bərəkətindən dolanır. O da olmasa, bizim xeyir-şərimizi kim yerbəyer eləyəcəkdir? İskəndər — (məclisə) Elə bir mö’min atadan bunun kimi qız kimin ağlına gələrdi? Güllü — Atamın vaxtı keçdi. O vaxt daha qayıtmayacaqdır. Çünki o vaxtda olan işlər və adətlər bizi yaşada bilməz. İndi mənim əsrimdir. İndi komsomol gedən yol ilə gedib yeni bir dünyaya çıxmalıyıq. Bayırdan hay-küy gəlir. Qüdrətəli — (qalxır) Allahhümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Görünür ki, yenə də mö’cüzə olubdur! (Ayağa qalxır). Qulaməli — (Dalısınca komsomolçular, qolçomaq Abdulla, arxasında meşok daxil olurlar; kəndlilər həyəcana düşür). Bu da bir mö’cüzə! Bu da bir mö’cüzə! Hanı Molla Nəcəf? Gəlib traktorun parçalarını oğurlayan məlaikəsinə tamaşa eləsin. Hüseyn — (gülür) Yaxşı məlaikədir. Amma ikicə eybi vardır. Bir qarnı yoğundur, bir də boynu. Qulaməli — (milisə) Tez get, Qasımın nökəri Cəlalı tap bura gətir. Milis gedir. Komsomolçular — (Oxuyub oynayırlar) Ay məlaikə qolçomaq, Qarnı yekə qolçomaq, Sizdə həya qalmamış, Bircə tikə, qolçomaq! Güllü — (Oxuya-oxuya oynayır) Hiylə gəlirdin bizə, Söylə bu nə mö’cüzə? (Barmağilə qolçomağın burnuna vurur) Son gecədir bu gecə Toy tutaram mən sizə. Cəlal milislə gəlir. Abdulla — (Cəlalı göstərir) Bax bu haramzadadır Hər bir işin sahibi; Hiylədə bir tülküdür Fikirdə şeytan kimi. Cəlal — Sözlərini dinləyin! Gör nə deyir bircə bu; Hər nə deyirsən danış! Səndə ki, yox abru. Abdulla — And olsun getdiyim səkkizinci imama, hamısı bu haramzadanın işidir. Cəlal — Yalançının abrusuna lə’nət! Sən özün Qasım ağa ilə bərabər məni aldadıb göndərmədinmi? Hüseyn — Onlar səni göndərdi, sən nə üçün getdin? Sən nə üçün öz sınıfını atdın? Cəlal — Mən elmsiz, qanacaqsız bir kəndliyəm. Ağadırlar, buyurdular, mən də getdim. Bayırdan yenə hay-küy səsi gəlir, kəndlilər ayağa qalxırlar. Şə’ban və Əli kişi — (daxil olurlar. Aralıqda Molla Nəcəf, Rüstəm, Saleh, Qasım, Nəzər, dallarınca milislər, kənd şurası sədri daxil olur). Bu da bir mö’cüzə! Bu da müqəddəs və qorxulu yuxu! Güllü — (mollanın əbasını qaldırıb altındakı neft qabını göstərir və kəndlilərə deyir) Molla Nəcəfin dünən gecə gördüyü qorxulu yuxunun nəticəsi budur! Bu neft qabı yenə də bir mö’cüzə çıxarmaq istəyirdi. Hüseyn — (kəndlilərə). İndi öz düşmənlərinizi görün. Kəndlilər — (birdən qalxırlar). Verin bura. Bu it uşağını neft töküb yandıraq. Güllü — (keçir irəli). Yox, elə iş olmaz! Bizim vəzifəmiz bura qədər idi. Bundan sonrakı vəzifə proletar məhkəməsinindir. Molla Nəcəf — (ağlaya-ağlaya oxuyur): Əmmaməmə, əbama, Şalıma rəhm eyləyin! Birçə qərib mollayam! Halıma rəhm eyləyin! Mən getməmişdim sizin Anbarı yandırmağa. Getmişdim ki, və’z edib Bunları qandırmağa. Mən burada olmuşam, Əvvəl-axır onca il. Köhnə işim falçılıq, Əsil yerim Ərdəbil. Hər kəs ölübsə kənddə Arvadını almışam. Çoxlarının qızların Öz toruma salmışam. Güllü — Hər zibilsən, mollasan, Hər işə sənsən maya, Kəndi satarsan bütün Bir plova, bir çaya. Gündə otuz siğədən Hasil olub mətləbin. Burda sənə son kərə Mən kəsərəm bir kəbin. Güllü sənə bu gecə Bir təzə don geydirər. Qolçomağa toy tutar, Mollanı evləndirər. Hüseyn — (irəli gəlib tüpürür) Tüf üzünə! Bir utan, Qolçomağın quyruğu! İndi sənə eylərik Biz daha bir qulluğu. Xələf — (qalxıb Rüstəmin yaxasından tutur) Haramzada, bu saat mənim atımın pulunu verməsən, gözünü tökərəm. Kənd şurası sədri Səlim — Yoldaşlar! Bura haqq-hesab yeri deyildir. Atın da, yandırılan taxılın da, traktorun da pulu bunlardan alınacaqdır. Qorxmayın, yoldaşlar! Bunların kifayət qədərində malları vardır. Ancaq hələ məhkəmə lazımdır. (Milislərə) Hələ ki, ip gətirin, bunların qollarını bağlayın!.. Şə’ban kişi — Əvvəlcə neft qabını Molla Nəcəfin arxasına sarıyın! Qüdrətəli və İskəndər — İndi bildik mö’cüzə nə deməkdir. Çox yaxşı oldu ki, bizi qara günə qoyan qara günə qaldı. İndi biz anladıq ki, bizi nədən ötrü kolxoza qoymurdular. Qüdrətəli oxuyur: Güllü demə bir kişi Düzəldəcəkdir işi. Yaz məni də kolxoza İstəmirəm keçmişi! Kəndlilər — (birdən) Məni də yaz! Məni də yaz! Hüseyn — Yoldaşlar, səbr edin! Heç kəs kənarda qalmayacaqdır. Bu gün bizim böyük bayramımızdır. Düşmənlərimizə bu gün ancaq qələbə çala bilmişik. Əli kişi — Mən təklif edirəm ki, Güllü yoldaş kolxoz sədri seçilsin. Qulaməli — Mən də təklif edirəm ki, Güllü yoldaş ilə Hüseyn... Güllü — Yum ağzını! Hamı — (birdən) Necə yə’ni? Nə demək istəyirsən? Qulaməli — Mən deyirəm ki... Hüseyn — Sən demə ki... Güllü — (çıxır stulun üstünə) Yoldaşlar! Mən sizdən çox razıyam. Gördüyüm iş çox böyük olmasa da, yenə kəndli qadınların təsərrüfatdakı fəaliyyətindən bir nümunədir. Mən təklif edirəm ki, Qasımın ev qulluqçusu Tərlanı kolxoza qəbul edək. Hamı birdən — Razıyıq, razıyıq Güllü — Tərlan gəl, yanıma gəl! Tərlan çıxır stulun üstünə, Güllü ilə bərabər durub oxuyurlar: Düşmənimiz yıxıldı, İş axıra çıxıldı, Həll olundu məsələ, Gəlin verək əl-ələ. İşləyək arvad-kişi, Lenin göstərən işi. Qolçomaqları aparırlar. Kəndlilər getmək istəyirlər. Qulaməli — Yoldaşlar! Dayanın! Bir işimiz qaldı! Mən sözümü deyib qurtarmamışam. Güllü yoldaşla Hüseyn yoldaşın da işini bitirməliyik! Hamı birdən — Razıyıq! Razıyıq! Güllü — Biz Hüseyn ilə yoldaşıq! Hüseyn — Yoldaşlıqdan böyük nə ola bilər? Qulaməli — (gəlib Güllünün əlini tutub deyir) Güllü, hərkah mənə bir balaca yoldaşlıq hörmətin varsa, düzünü de, bu işə razısanmı? Güllü — Bəli, razıyam! Hərkah Hüseyn də razı isə! Hüseyn — (gəlib Güllünün əlini tutur) Mən də razıyam! Hamı birdən — Bu da bir mö’cüzə! Bu da bir mö’cüzə! Pərdə düşür. * * * == Dumanlı Təbriz == Dumanlı Təbriz (Altı pərdədən ibarət dram əsəri) Əsərdə iştirak edənlər 1. Səttar xan. 2. Bağır xan. 3. Qüdrət. 4. Tütünçü oğlu. 5. Zeynəb. 6. Cavad ağa. 7. Dilruba. 8. Cavahir. 9. Nina. 10. Həsənağa. 11. Əsəd. 12. Hacı Salman. 13. Hacı Mehdi. 14. Əlidadaş. 15. Davatkəroğlu. 16. Mülkədar. 17. Tağı bəy. 18. Dərvişoğlu. 19. Böyük xan. 20. Konsul. 21. Sərkərdə. 22. Kenekal. 23. Xidmətçi. 24. M. Cəfər. 25. Qapıçı. 26. Gönçələb xanım. 27. Dilənçi. 28. Falçı. 29. Oyuncaq satan. 30. Səhləbçi. 31. Çəkməsilən. 32. Xırdavatçı. 33. Baqqal. 34. Bıçaqçı. 35. Cəvahirçi. 36. Qənnadçı. 37. Çörəkçi. 38. Qatıqçı. 39. 1-ci mücahid. 40. 2-ci mücahid. 41. 3-cü mücahid. Fəhlələr, kəndlilər, mücahidlər, yük daşıyanlar, nökərlər, rəqqasələr, qadınlar, qızlar, qocalar. * * * Birinci pərdə Cənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və ikimərtəbəli damlar görünür. Mülkədarın yaşadığı binanın qarşısı. Uzaqdan top və tüfəng atışmalarının səsi gəlir. Yük daşıyanlar bir-birinin yanına düzülüb keçir. Mülkədarın silahlı adamları binanın ətrafında gəzişir. Hacı Salman — (yük daşıyanların yanınca Hacı Mehdi ilə bərabər söhbət edə-edə gəlir) Yox, belə olmaz! Hacı Mehdi ağa, bu məmləkətdə ticarət etmək mümkün olmayacaq. Hacı Mehdi — Nə kəndlisində hörmət, nə də fəhləsində sədaqət var. Hacı Salman — Necə yə’ni kənd ağasına bəhrə vermərəm?! Bunu harada demək olardı? Kimin əqlinə belə söz gələrdi?! Hacı Mehdi — Xalqa xəstəlik düşüb, bizi allahın bəlası tutub. (Top-tüfəng səsləri eşidilir). Bir tərəfdən mal qalıb yağışın altında, bir tərəfdən top-tüfəng səsləri dünyanı titrədir. Bircə bu malları tez Təbrizə çatdırsaydıq, min yaşardıq. Hacı Salman — Hacı Mehdi ağa, burada yubanmaq xətadır. (Yük daşıyanlara) Əminiz qadanızı alsın, bir az tərpənin! Hacı Mehdi — Başınıza dönüm, bir az cəld olun, ölmürsünüz ki? Hacı Salman — İtiniz olum, cəld olun! Biz kafir deyilik ki! Görürsünüz, mal qalıb yağışın altında. Hacı Mehdi — Qurbanınız olum, qıvraq olun! Hacı Salman — Ayağınız altında qurban kəsilim, cəld olun! Mülkədarın silahlı nökərləri özləri ilə bərabər bir dəstə qadınları, qızları və qocaları qabaqlarına qatıb gətirir. Əlidadaş — (əlində tüfəng xalqı vurur). Atam, çəkilin, gedin, qardaş, çəkilin gedin! A balam, meymun oynatmırıq ki, siz heç dustaq görməmisiniz? (Dustaqları mülkədarın qapısında saxlayırlar). A gədə, bu mallar inqilabçıların deyil ki? Hacı Salman — Allah eləməsin inqilabçıların olsun, Hacı Mehdi, nə inqilab? Əlidadaş — Söz soruşuram, mallar kimindir? Hacı Mehdi — Hacı Mehdi ağa Küzəkünaninin. Hacı Salman — Hacı Salman ağa Şəşkilaninin. Mülkədar — (gəlir) Hanı böyük bir kəndin adamı? Əlidadaş — Yeriyə bilən hər kim var, gətirmişəm. Kənddə ancaq qocalar, körpələr və xəstələr qalıb. Mülkədar — Bəs bu arvadların ərləri haradadır? Köpək oğlunun kəndi, arvad kəndi olmadı ki? Əlidadaş — Əlinə tüfəng götürən, balta götürən Səttar xanın köməyinə gedib. Mülkədar — (həyəcanla) Səttar xanın köməyinə gedib? Bəs hanı o köpəyin qızı? Tutub gətirə bilmədinmi? Əlidadaş — Ağanın başı üçün, özü kimi haramzada yoxdur, tutmaq mümkün olmadı. Davatkəroğlu bir neçə tüfəngli götürüb dalınca getdi. Mülkədar — (kəndli qadın və qocalara) Mən təbiətcə inqilabçıyam. Qan tökülməsinə də razı olmaram. Lakin təbiət siz kəndliləri alçaq yaradıb. Əlidadaş — Alçaq da var, alçaq da var. Daha beləsi yox axı?! Mülkədar — Mən sülh etmək üçün sizin yanınıza gəlmişdim. Lakin siz sülh etmək istəmədiniz, ərlərinizi, oğlanlarınızı Səttar xanın köməyinə göndərdiniz. Əlidadaş — (uzağa baxır) Odur Zeynəbi gətirirlər. Zeynəbi gətirirlər. Həyəcan başlanır. Hamı Zeynəb gələn tərəfə baxır. Mülkədar — Arvadları kişilərindən dikbaş haramzadalar. Camaat hər tərəfdən tamaşa üçün yığılır. Əlidadaş — (camaata) Atam, çəkilin! Qardaş, çəkilin! A balam, heç qaçaq görməmisiniz? Davatkəroğlu bir neçə nəfərlə Zeynəbi kişi paltarında ayağında dolaq və çarıq, qolları bağlı, saçları dağınıq halda gətirirlər. Davatkəroğlu — (Zeynəbi mülkədarın ayaqlarına atır) Ağanın başı üçün, bunu tutunçaya qədər canım boğazıma gəldi, necə yerdə qaçsa yaxşıdır? Əlidadaş — (Davatkəroğluna) Üzünü niyə bağlamısan? Davatkəroğlu — Sən öləsən, haramzada köpəyin qızı tüfəngin qundağı ilə az qala beynimi dağıtmışdı. Mülkədar — Eybi yoxdur, o öz cəzasına çatacaqdır. Zeynəb — Siz cəza vermək üçün yaranmışsınız, əlinizdən yaxşılıq gəlməz. Mülkədar — Dayan, dayan, səni dilindən dara çəkdirəcəyəm! Zeynəb — Mənim üçün ölüm qorxulu deyildir. Onsuz da dirilikdən bir şey görmədik. Amma alçaqlar əlində ölmək qorxuludur. Sizdən hər bir alçaqlığı gözləmək olar. Davatkəroğlu — (Əlidadaşa) Bunun dilinə bir bax! Mülkədar — Bu haramzadanı aparın Təbrizə. Orada asdıracağam. Qoy Səttar xan gəlib harayına çatsın. Bunları isə kənddən sürgün edin! Davatkəroğlu — Bax belə ha! Mülkədar — Evlərini yandırarsınız! Var-yoxlarını qarət edərsiniz! Aparın! Sən buradan uzaqlaşma, bir hadisə üz versə, mənə tez xəbər ver. Mülkədarın adamları kəndliləri aparırlar. Dilruba — Zeynəb! Zeynəb — (Dilrubaya) Qaç kəndə, qarı-qocaları evdən çıxarın, uşağıma sahiblik elə... Dilruba — Nigaran qalma, Zeynəb! (Getmək istəyir). Zeynəb — Dayan, Dilruba! Əhvalatı qardaşıma yaz, Qüdrətə. Bakı, Ramana mə’dənləri... Özün də çıx get Bakıya. Səni burada dinc qoymazlar. Dilruba — Yaxşı. (Gedir). Davatkəroğlu — (Əlidadaşa) Əlidadaş, qızı yaxşı nişanla, hər necə olsa, tutdurub gətirməlisən. Yaxşı bax! Aparın... Mülkədarın adamları Zeynəbi aparırlar. Hacı Mehdi — Bax, bu cürə adamlar xalqın evini yıxır. Anbarların qapısını bağlı, dükançının tərəzisini, bəzzazın arşınını tozlu qoyan bunlardır. Hacı Salman — (onu dümsükləyir). Gədə, Hacı Mehdi, yan-yörənə mültəfit ol! Hacı Mehdi sözünü dəyişir. Hacı Mehdi — Hə də. Məgər belələrinin evini yıxan eləliləri deyilmi? Dükançının tərəzisi, bəzzazın arşını, anbarın da ki, qapısı var. Davatkəroğlu — (onlara) Necə, necə?! Hacı Salman — Hə də... Biz tacirik, o mülkədar. Mülkədar bilər öz rəiyyəti... Tacir bilər öz müştərisi... Nə qiymətə keyfi istər, o qiymətə də satar. Hacı Mehdi — Əlbəttə ki... Qol rəiyyətin, kəndir ağanın, bağlar da özü bilər, açar da özü bilər. Davatkəroğlu gəzişir. Hacı Salman — (sözünü dəyişir). Hə də... Biz belə-belə işlərə qarışmaqdan ötrü qan tökməmişüx ki? Hacı Mehdi — Belə ha, bıçaq qəssabın, dəri qoyunun, soyar bizə nə, soymaz bizə nə... Hacı Salman — Vəssalam, şüd tamam. Göy allahın... Hacı Mehdi — Yer üzü padşahın... Hacı Salman — Torpaq mülkədarın! Hacı Mehdi — Ticarət də bizim... Davatkəroğlu — Burada dayanmayın. Gedin dünyanı başqa yerdə bölüşdürün. Hacı Salman — Baş üstə. (Gedərkən) Allah allahdır, padşah padşahdır... (o tərəf-bu tərəfə baxır). Hər ikisi — İnqilab da inqilab. Yük daşıyanlar — (şələ altında danışa-danışa keçirlər.) Bu yer çox qocadır, qanlarla yazılan tarixi vardır: Əyridir əzəldən fəzanın qəddi, Ölümdür həyatın yaxın sərhəddi... Hacı Mehdi — (sözünü dəyişir). Atam, demirsiniz inqilab eliyax, gəlin eliyax da... (Hacı Salmana). Gədə, niyə danışmırsan, inqilabçısan ya yox?! Hacı Salman — (başqa bir adam keçdiyini görüb ehtiyatla danışır) Olaram da, olmaram da, kimə nə dəxli var?! Niyə axı olum, niyə axı olmayım... Hacı Mehdi — Belə ha. Amma bə şərti ha, bə şüruti ha! Malımı da daşıtdıracağam, ticarətimi də eliyəcəyəm. İnqilabımı da eliyəcəyəm! Hacı Salman — Taxılımı da anbarıma dolduracağam... Hacı Mehdi — Qəndimi, çayımı, istiyotumu, darçın-zəncəfilimi də satacağam. İnqilabımı da... Hacı Salman — Gələn var! Hacı Mehdi — Əksinqilabımı da eliyəcəyəm... Hacı Salman — Niyə də inqilabçı olmayım axı?! Bəs nədən ötrü qan tökmüşük! Hacı Mehdi — Namazımı da qılacağam, oruçumu da tutacağam... Hacı Salman — Kərbalama, Xorasanıma, Məkkəmə də gedəcəyəm... Hacı Mehdi — Barakallah! Eyni zamanda inqilabımı da eliyəcəyəm. Hacı Salman — Canım ağzımdan çıxana qədər inqilabçıyam. Hacı Mehdi — Kəlməyi-şəhadətimi deyənə qədər inqilabçıyam. Niyə də olmayım axı?! Hacı Salman — Olmasaq da ki, olmaz. Hacı Mehdi — Olublar da. Hacı Salman — Olacaqlar da. Davatkəroğlu — (gəlir) Nə olacaqlar?! Hacı Mehdi — Əksinqilabçı! Davatkəroğlu — Belə ha... Hacı Mehdi — Olmasaq da ki olmaz. Hacı Salman — (o tərəfə-bu tərəfə baxır) İnqilabçıyam, amma bə şərti ha, bə şüruti ha... Hacı Mehdi — Bəli, bə şərti ha, bə şüruti ha, ticarətimə ki, toxundun, daha mən yoxam... Hacı Salman — Qəndimə... Hacı Mehdi — Çayıma... Hacı Salman — Daşıma! Hacı Mehdi — Tərəzimə... Hacı Salman — Daxılıma... Hacı Mehdi — Taxılıma... Hacı Salman — Anbarıma, ölçümə, arşınıma ki toxundun... İkisi birdən — Biz xudahafiz! (hər ikisi səhnədən uzaqlaşır. Qüdrət və Tütünçüoğlu gəlib, çamadanları qoyub dayanırlar). Qüdrət — On illər əvvəl gördüyüm yerlərdir. Qoçaman dağlar, bərəkətli düzlər, çiçəkli, səfalı çöllər... Eh, ilan kimi qıvrıla-qıvrıla axan Qanlıçay, bir ürəyi iki tərəfə parçalayan Araz çayı, sən nələr görmədin! Hansı qanlı hadisələrin şahidi olmadın? Davatkəroğlu — Əmi oğlu, adını bilmirəm. Bura nitq yeri deyil, keçib gedin! Tütünçüoğlu — Yol adamıyıq, qürbətdən gəlirik. Davatkəroğlu — Burdan Təbrizə heç bir kəs buraxılmır. Qüdrət — Nə üçün buraxılmır?! Davatkəroğlu — Ağanın əmri belədir. Kurhakuru eşitmirsən? Tütünçüoğlu — Kurhakurun bizə nə dəxli var? Biz burada dustaq qala bilmərik ki... Davatkəroğlu — Dustaq niyə qalırsınız. Araz çayının o tərəfinə keçməyə nə var ki?.. Qüdrət — Axı nə ilə keçək? Davatkəroğlu — Biz daha sizinçün çayı quruda bilmərik ki... Qüdrət — Azərbaycan xalqının göz yaşları olmasaydı, Araz çayı çoxdan qurumuşdu! Davatkəroğlu — (irəli gəlir) Qəribə adamlarsınız. Top səslərini eşidirsiniz, ya yox? Qüdrət — (top səslərini dinləyərək) Gecə ilə gündüz pəncələşir. Davatkəroğlu — (daha da yaxınlaşır.) Səttar xan gəlir! Tütünçüoğlu — Səttar xan kimdir? Davatkəroğlu — (gülür) İndi ki, Səttar xanı tanımırsan, daha nə deyim. Qanmadım, qələt elədim. (Uzaqdan gələn Əlidadaşı görərək, öz-özünə). O, boş gəlir, onun nə vecinə ki, mən ürəyimin qanını yeyirəm. (Əlidadaş gəlir). De görüm nə eylədin? Əlidadaş — Ağanın əmrini yerinə yetirdim. Davatkəroğlu — Bəs dediyim qız necə oldu? Əlidadaş — Sən öləsən, cin kimi yoxa çıxdı. Davatkəroğlu — Ömrümdə sənə bircə işim düşdü. Sən də belə... Əlidadaş — Mən nə edim, şeytan qızı şeytan, bir cin-bismillah olub göyə çəkildi. Uşaqlara tapşırmışam, göyə də çıxsa tutacaqlar. Davatkəroğlu — Qız buradan hara gedə bilərdi? Suyun o tərəfi də, bu tərəfi də bizim əlimizdədir. Başısoyuqluq elədin. Mən buradan ayrıla bilmirəm. Sən özün get qızın dalınca. Qorxuram qız özgə bir ələ düşsün. Sən bilirsən ki, mən onun üçün bu xarabada bənd olub qalmışam. Qüdrət — Eşitdinmi, burada mübarizə yalnız torpaq, su, həyat mübarizəsi deyildir. Burada xalqın qızlarını çöl heyvanları kimi ovlayırlar. Mülkədarın adamları Dilrubanı qucağında uşaq gətirirlər. Əlidadaş — (Davatkəroğluna) Müjdəmi ver, şikarı gətirirlər. Qüdrət — (Tütünçüoğluna) Bu qızı vəhşilərin əlində qoyub getmək namərdlikdir. Davatkəroğlu — O uşaq nədir? Qucağından alıb yerə atsana! Əlidadaş uşağı almaq istəyir, Dilruba vermir. Dilruba — (Əlidadaşa) Məni öldürün, ancaq bu uşağa əl vurmayın! Onun heç bir təqsiri yoxdur. Əlidadaş — Bura ver! Təqsiri yoxdur? Atası Səttar xanın dəstəsinə qoşulanın təqsirini biz yaxşı bilirik! (Uşağı zorla alıb bir tərəfə atır, Dilrubanı sürükləyib Davatkəroğlunun yanına aparmaq istərkən)... Dilruba — (getmək istəmir) Yalvarıram sənə, məni öldür, amma Davatkəroğlunun əlinə vermə. Davatkəroğlu — (irəli gəlir) Qız, nə qiyamət qoparmısan! Nə olub? Kimə ərə gedəcəksən ki, məndən yaxşı olsun? Bəri gəl, səadətin mənim əlimdədir. Dilruba — (Davatkəroğluna) Rədd ol, həyasız! Qüdrət — (irəli gəlir) Siz o köməksiz qızdan nə istəyirsiniz?! Əlidadaş — (Qüdrətə) Sus! Heç bilirsən danışdığın adam kimdir? Qüdrət — (acıqlanır) Geri çəkil, kimliyi ilə maraqlanmıram. Əlidadaş — Çox da ağzını dağıtma ha... Ona Davatkəroğlu deyərlər. Qüdrət — Nə oğlu olursa-olsun, ancaq adam oğlu olsun. Davatkəroğlu — (Qüdrətə yaxınlaşır) Mən sizə deyirəm, buradan çıxın gedin! Nə üçün başqasının işinə qarışırsınız? Qüdrət — Biz onu sizin əlinizdən qurtarmamış burdan getməyəcəyik. Əlidadaş — (Qüdrətin yaxasından tutur) Çəkil get! Əlimizi qana batırma! Tütünçüoğlu — (Əlidadaşa bir sillə vurur). Əlini çək, silahlı tülkü! Sənin əlin ancaq acizlərin qanına bata bilər. Əlidadaş və Tütünçüoğlu tapançalarını çıxarırlar. Davatkəroğlu — (Qüdrətə) Nə istəyirsən, dadaş? Qüdrət — Mən istəyirəm ki, sən o qızı azad buraxasan. Davatkəroğlu — Sənin özgənin nişanlısını əlindən almağa nə haqqın var? Dilruba — Yalan deyir (Qüdrətə). Ona inanmayın. Mən başqasına adaxlıyam. Qüdrət — (Davatkəroğluna və Əlidadaşa). Utanın, bir namusunuz-qeyrətiniz olsun! Bütün İran xalqı zalım Qacar xanədanına qarşı ayağa qalxıb. Sizi əsirlikdən qurtarmaq üçün inqilab dünyasının qəlbi çırpınır. Siz isə yenə şəhvətə can atırsınız. Dünyanı titrədən bu gurultular sizi qəflət yuxusundan qaldıra bilmədimi? Davatkəroğlu — (mülkədarın nökərlərinə) Hüseynəli, Qulaməli, Məmmədəli, Qasıməli, harada batdınız, gəlib bu qızı çəkib aparın! Tütünçüoğlu — Çəkilin! (Mülkədarın nökərlərini vurur. Davatkəroğlu və Əlidadaş qaçır). Qüdrət — (tapançanı çıxarıb kütlənin qarşısına gedir) Torpaqdan, sudan və azad həyatdan məhrum olan kəndlilər, top gurultuları sizi mübarizəyə çağırır. Camaat mülkədarın nökərlərinə hücum edir. Üsyana qarışırlar. Camaat malları talayır. Dilruba kütləyə qoşularaq gözdən itir. Vuruş gedir. Vuruş uzaqlaşıb səhnə arxasına keçir. Dilruba — (saçları dağınıq halda gəlir.) Onlar nə qədər igid, nə qədər mərhəmətlidir. (Qüdrətin ayaqlarına düşmək istəyir). Siz olmasaydınız, mən də, bu günahsız uşaq da məhv olacaqdıq. Qüdrət — Ana, qalxın, biz ayaq öpdürənlərlə mübarizə aparırıq... (Qüdrət onun əllərindən tutub qaldırır. Dilruba dağınıq saçlarını üzündən çəkdikdə, Qüdrət onu tanıyır). Ax, Dilruba! Mənim ruhum, nə qədər dəhşətli, nə qədər də şirin bir təsadüf! (Dilrubaya) Bu nə hadisədir? Dilruba — (ağlayır, başını Qüdrətin çiyninə qoyur) Qüdrət, bizi məhv etdilər... Qüdrət — Dilruba, uşaq kimindir? Dilruba — Bacın Zeynəbindir. Qüdrət — Bacımın başına bir fəlakətmi gəldi? Dilruba — Zeynəbi tutmaq istəyirdilər. O, qaçaq düşmüşdü. Bu gün tutub Təbrizə göndərdilər. Tütünçüoğlu — (gəlir) Mülkədarı tutmaq mümkün olmadı. Çılpaq ata minib qaçdı. Kütlə — Yanğın! Yandırdılar! Qaçın! Kəndli qadınları qaçır. Top səsləri eşidilir. Qüdrət — İnqilab şəhərinin köməyinə doğru irəli! Pərdə * * * İkinci pərdə Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir. Oyuncaq satan — Ay yaxşı şax-şax, banlayan xoruz!.. Səhləbçi — Zəncəfil çayı, hil çayı, titrədənə darçın çayı! Çəkməsilən — Ay gondarasını sildirən, ay mənə bir süftə verən! Xırdavatçı — Yazılı kəfən, səndəl, kündür, sidr-kafur. Bıçaqçı — İti qayçı, ülgüc, həcəmət... Xırdavatçı — Ərə gedənlər, evlənənlər üçündür... Baqqal — Səbzə, kişmiş, özü də bişmiş... Qənnadçı — Həlvayi-təntərani, ta nəxuri, nə dani... Çörəkçi — Gəl müştəri, gəl görək, tazadır xasa çörək... Baqqal — Ləbləbiyə gəl, taza-taza... Bıçaqçı — Sədəfli pistolet, aynalı qəmə... Qatıqçı — Gəl kasamasa, gəl kasamasa... Xırdavatçı — Saqqal darağı, qəddivə görə tuman bağı... Qənnadçı — Ay şəkər çörəyi yeyən, qorabiyə, rahətülhülqum... Davatkəroğlu — (alverçilərə) Buradan çəkilib gedin, alış-veriş vaxtı deyil. Dar ağaclarını görürsünüz, ya yox? Mülkədar — (gəlir, dar ağaclarını gözdən keçirir). — Bunlar nə üçündür? Mən özüm demokrat bir adamam. Davatkəroğlu — Ağa yalan buyurmur ki? Mülkədar — (dolanır) Başlarını salıb işləmədilər. Oradakılar kəndimi xaraba qoydu, buradakılar fabrikimi... Davatkəroğlu — Hə də. Maaşımızı qaldırın, deyə-deyə axırda özləri dar ağacına qalxdılar. Xırdavatçı — Yazılı kəfən, sidr-kafur istəyən! Baqqal — Səbzə, kişmiş, özü də bişmiş! Davatkəroğlu — (alverçilərə) Nanəcib uşağı! Demədim buradan rədd olub gedin! Mülkədar — Bu gün camaat ilə bir qədər yumşaq danışın. Necə dar ağacı olacaq? Davatkəroğlu — Buyurduğunuza görə beş dənə. Mülkədar — Artıq olsa yaxşıdır. Belə ki, bunlar başlayıb, kəndirə keçirilməli yüzlərlə baş tapacaqsınız. Beş nəfəri asdırmasam, beş yüz nəfərinə ibrət olmaz. Gədə, apar e’lanı da yapışdır qapıya, bu gündən e’tibarən fabriki bağlayıram (gedir). Çəkməsilən — Ay gondarasını sildirən, gəl bəri, gəl müştəri! Səhləbçi — Zəncəfil çayı, hil çayı, titrədənə darçın çayı... Qənnadçı — Həlvayi-təntərani, ta nəxuri, nə dani... Bıçaqçı — İti qayçı, ülgüc, həcəmət... Xırdavatçı — Qəlyan daşı, çubuq başı, çaxmaq daşı, yəhər qaşı... Cəvahirçi — Gözəl Mərənd corabı! Baqqal — Külabidir, külahi! Çəkməsilən — (yeşiyi baraban kimi çalır, oxuyur): Rəhim xan gəlir Təbrizə, Evin yıxılsın Məmədəli! Təbrizdə qan çıxır dizə, Evin yıxılsın Məmədəli! Davatkəroğlu — (ayağı ilə vurub yeşiyi atır). Köpək oğlu, bir də o sözləri oxusan, dilini kəsərəm! Cavad ağa — (fabrik tərəfə gəlir) Hanı sahibkar?! Davatkəroğlu — Dayan görüm axı! Hara sürhaylayırsan. Fabrik sənin üçün həzrət sahib məscidi deyil ki?! Cavad ağa — Nə olub, balam, nə belə xoruzlanırsan! Hər gün keçib getdiyimiz meydan deyilmi? Davatkəroğlu — Dayan, oradaca dayan! Fabrik bağlanıb. E’lana yaxşı-yaxşı bax! Cavad ağa — Mənə fabrik lazım deyil, fabrik sahibi lazımdır. Davatkəroğlu — Ağzına bax, danışmağına bax, guya ki, fabrik sahibi bunun üçün çayçı Məşədi Cəfərqulu imiş. Cavad ağa — Boşboğazlıq lazım deyil! Sahibkarı bura çağır, ona məktub gətirmişəm. Mülkədar gəlir. Mülkədar — Nədir, nə istəyirsən? Bəsdir axı, yüz kərə deyilib ki, fabrik bağlıdır. İş yoxdur, adamı bu qədər incitməzlər axı! Cavad ağa — İş istəyən yoxdur. Sərdari-millidən məktub gətirmişəm, buyurun (məktubu verir). Xırdavatçı — Çığara kağızı, batinka mazı... Baqqal — Ləpə, səbzə, kişmiş... Bıçaqçı — Ülgüc, həcəmət, neştər! Çəkməsilən — (oxuyur): Böyük nənən Ümmi-xaqan, Evin yıxılsın Məmədəli! Özün qeyrətdən pərişan, Evin yıxılsın Məmədəli! Mülkədar — Nə qədər iyrənc səsi var. Vur köpək oğlunu! Davatkəroğlu çəkməsiləni tapança ilə vurur, bazar xalqı qaçıb dağılışır. Davatkəroğlu — Ağız-burunlarına bax, çəkməsilənləri də Məmmədəli şahı bəyənmir! Mülkədar — (məktubu oxuyub Cavad ağaya) Get öz Sərdari-millinizə mənim dilimdən bu sözləri xəbər ver: Qaçaq Zeynəb asılmalıdır. O mənim rəiyyətimdir, onun kimi haramzadalar bir il bundan qabaq asılsaydı, bu gün yüzlərlə qızlar tüfəng götürüb mücahid olmazdı! Cavad ağa — Məktuba cavab yazın! Mülkədar — Hələ Səttar xan o dərəcəyə çatmayıb ki, mən ona cavab yazım. Cavahir — (üzündə ruband, Cavad ağaya yaxın gəlir) Fabrikin həyətində hökumət qoşunu durur, bir az ayıq olun! (Əlindəki corabları göstərir.) Cavad ağa — Bacı, corabların naxışı xoşuma gəlmədi. Səttara xəbər ver ki, məktubu rədd etdi. Keç-keç (gedir). Əlidadaş — (Davatkəroğluna) Bu gün Təbrizdən qan qoxusu gəlir. Davatkəroğlu — Bunlar hamısı keçər, de görüm Dilrubadan nə xəbər tutdun? Əlidadaş — Bir saat bundan qabaq Ayrançılar məhəlləsində gördüm. Sən öləsən, o tərəfdən gələn o tərəfdə, bu tərəfdən gələn də bu tərəfdə durub Dilrubanın hüsni-camalına tamaşa edirdi. Davatkəroğlu — Demə!, ürəyim parçalandı! Əlidadaş — Qız kənddə gördüyün qız deyil, zalım oğlunun Təbrizi ona başqa bir gözəllik verib. Davatkəroğlu — Əlidadaş, elə bil o yenə də mənim qabağımda durub ağlayır, deyir: «Gəl məndən əl çək. Mən sənin olmayacağam». Doğrudan da o mənim olmayacaq! Əlidadaş — Bu cür məsələləri ancaq dar ağacı həll edər. Əgər bu sabınlı kəndirin birisini də o Qüdrətin boynuna keçirə bilsək, qız səninkidir. Davatkəroğlu — İnana bilmirəm. Bu gün Səttar xan ilə üz-üzə gələcəyik. Ağadadaş, sən mənim ağanın yanında rəcəz oxumağıma bahma, özün bilirsən ki, biz Səttar xan meydanının adamı deyilik. Tütünçüoğlu dar ağaclarına baxa-baxa keçir. Əlidadaş — (ona) Hə, meylin varsa, buyur! Tütünçüoğlu — Sən kəndiri yaxşı sabınla. Bəlkə öz boynuna qismət oldu. Əlidadaş — Bu gün fabrikin qabağında görmədiyim adamları görürəm. Hacı Mehdi — (Hacı Salman ilə gəlir). Bu gün havanı çox xarab görürəm. Hacı Salman — Hava xarab olmasa, çibimiz abad olmaz. Sən o kəndirə yaxşı bax. O deyir ki, hər iğtişaşdan sonra taxılın üstünə gəl. Hacı Mehdi — Demək ki, bu günkü qiymət, xalvarı 25 tümən? Hacı Salman — Nə qiymətə istəsəm, satacağam. Göydən yağmır, yerdən bitmir. Hacı Mehdi — Əlbət ki, bitmir! Hacı Salman — Rəhmət bə valideyni-şuma. İndi ki, bunu bilirsən, nə səndə taxıl var, nə də məndə gənd. Qoy qalsın, vaxtı var. Baqqal — Xudaya, xudavənda, məndən hərəkət, səndən bərəkət. Xırdavatçı — Ey kor quşun ruzisini yuvasında yetirən xaliq! Mənə bir halal müştəri göndər. Fabrik işçiləri fabrikin qabağına yığışırlar. Davatkəroğlu — (işçilərə) Gedin, fabrik bağlıdır. Adama bir sözü neçə dəfə deyərlər?! Niyə işimizə mane olursunuz axı! Əlidadaş — (Davatkəroğluna yavaşdan) Qadanı alaram, aranı qarışdırma! Tütünçüoğlu — (Davatkəroğluna) İşiniz özünüzə layiq işdir. Cəlladlıq da yaman peşə deyil! Falçı — (şeylərini döşəyir yerə). Raml atıram, itən malları tapıram. Qaynanaların dilini bağlayıram. Qızların bəxtini açıram. Eşidin, hər bir əməldən sizə mən verməliyəm burada nişan, cümlə-cahan, elmimə, tədbirimə heyran. Tanıyın siz, mən özüm sakini-Təbriz, özüm bir qoca rəmmal, kimin xahişi olsa, açaram fal, həmişə mən mağara taparam, axtararam olsa itən mal, edərəm arvada cadu, quraram tas, tökərəm su, ərini sevməsə kər dilini bağlayaram. Çinlərə fərman yazaram, hansı gəlin qaynanadan etsə şikayət, verərəm mən işə dərhal nihayət, dilini bağlayaram qaynananın bir də danışmaz. Mənə etməzsə itaət, deyərəm çinlərə əlbət, o, danışqan qarının tezcə kəsər nəfəsini, bir də səsin qaldıra bilməz, gəlin qaynanaya söysə də, dinməz, açaram bəxtini bədbəxt olanın mən... Tütünçüoğlu — (falçıya) Sən bəxtləri açmaq əvəzinə əsirlərin qollarını aç! Falçı — Baba, siz qoyacaqsınız halal kəsbimizi edək? Əlidadaş — (fəhlələrə) Əzizlərim, gözümün işıqları, belə olmaz axı. Çıxıb gedin. Bu axırıncı kərədir, sonra özünüzdən küsün. Tağı bəy — (gəlir) Nə olub, a gədə, bu nə camaatdır?! Davatkəroğlu — Nə bilim? Bu gün qaçaq Zeynəbi asacaqlar. Dünya yığılıb bura. Tağı bəy — (Tütünçüoğluna) Ay Əsəd, belə olmaz axı. Gəlin çıxıb gedək işimizə. Zeynəb qaçaq, bizsə inqilabçı, onun bizə nə dəxli var?! De görüm, biz inqilabçıyıq ya yox?! Tütünçüoğlu — Hərkah məndən soruşsan, yox! Çünki sənin yolun inqilabçı yolu deyil! Tağı bəy — Anlamırsınız, uşaqsınız, yalvarmaq olan yerdə güc nə lazım?! Tütünçüoğlu — Çəkil geri, inqilabçı yalvarmaz! Dərvişoğlu — (səhnə arxasından). Bilin, agah olun, ey əhli-vətən: Qaçdım bu Cahanın əbədi şuru şərindən. Dil açmamışam dərdü qəmindən, kədərindən; Dünya nə demək, ver mənə cənnət xəbərindən: Düşdüm oda, yandım, dedim allaha təvəkkül! Hər yana dolandım, dedim allaha təvəkkül! Bəxtimdən usandım, dedim allaha təvəkkül! İqbalə inandım, dedim allaha təvəkkül... Tağı bəy — (Tütünçüoğluna) Sözün doğrusun Dərvişoğlu dedi: «Hər yanda dolandım, dedim allaha təvəkkül!..» Bu günün vəzifəsi budur, eşidirsən? Tütünçüoğlu — Eşidirəm, Dərviş Tağı! Hamı gülür. Tağı bəy — Ay camaat, siz bilirsiniz ki, mən inqilabçıyam. Sahibkar da yezid deyil ki, dinc adamı heç bir vaxt dara çəkməzlər. Tütünçüoğlu — Fəhlələr, yoxsullar! Sahibkar inqilabçılara çörək verməmək üçün fabriki bağladı. Siz Tağı bəy kimi adamların hiyləsinə aldanmayın. O, xalqın dostu deyil. Mücahid — Tütünçüoğlu düz deyir. Biz barışmayacağıq! 1-ci müçahid — Biz vuruşacağıq! 2-ci müçahid — Biz sahibkara küzəştə getmərux! Davatkəroğlu — (Tütünçüoğluna) Əsəd, yekə oğlansan axı! Niyə bu xalqı qırğına verirsən? Tütünçüoğlu — O sənin işin deyil! Tağı bəy — Ay Əsəd, xata olmadı ki, bir qədər Bakıda qalıb qayıtdın... Davatkəroğlu — Biz bu xalqın bədxahı deyilik ki. Tağı bəy — Belə ha. Ağadır. Bu gün kefi istər, fabriki bağlar. Sabah da kefi istər, açar. Qardaşım, insaf da yaxşı şeydir. Biz ağa ilə bərabər ətək dolusu pul tökub fabrik tikdirməmişux ki? 1-ci müçahid — Biz heç bir zaman ağanın keyfi ilə oynaya bilmərux! Hacı Mehdi — Ağanı istəmirux! Hacı Salman — Ağanı istəmirux! (Tərəfə) Nadürüst oğlu qoyacaq ki, malımızı bazarına salaq? Davatkəroğlu — Siz Təbrizi Bakı ayağına apar­mayın. Tütünçüoğlu — Bakı ilə Təbrizin nə fərqi var? Fabrik həman fabrik, fəhlələr həman fəhlə. Ehtiyac da həman ehtiyacdır! Davatkəroğlu — Elə isə bir azdan sonra gəl kəndiri asılanların boğazından aç. Yaxın gələnin qulaqlarını yerdən göbələk qopardan kimi qopardaram! Əlidadaş — Mən səni Təbrizdə qoysam, bu bığlar mənə haram olsun! 2-ci müçahid — Sahibkar, sahibkar! 3-çü müçahid — Sahibkar, sahibkar! Mülkədar — (qapıdan çıxır) Nə istəyirsiniz, nə hay-küydür? 3-çü müçahid — (irəli keçir) Həbsə alınanları burax! Mülkədar — Qoy hökumət gəlib mənimlə danışsın! Tütünçüoğlu — Hansı hökumət?! Mülkədar — Qacar hökuməti! Tütünçüoğlu — Biz Qacar hökumətini də, ona arxa verib, Azərbaycan yoxsullarını soyan cəlladları da, həris mülkədarları da məhv edəcəyik! (Yaxasından tutur). Yoldaşlarımızı burax! İşçilər — Yoldaşlarımızı burax! Fəhlələr mülkədara hücum edirlər. Mülkədarın silahlı adamları fəhlələri qovub fabrikin qabağından çıxarır. Mülkədar başı dağılmış halda qaçır. Tağı bəy — (tindən çıxır) Mənə Tağı bəy deyərlər. Yaşasın azadlıq deyib çağıranların hamısının adı buradadır. (Dəftəri göstərir.) Hacı Mehdi — (başını tindən çıxarıb baxır. Hacı Salman bu biri tindən səslənir) Buradayam, hacı... Hacı Salman — Necə gördün? Hacı Mehdi — Bu deyil, hələ dalısı var. Qələbə bizimkidir. Hacı Salman — Hansı qələbə? Biz kimik? Hacı Mehdi — Kimliyimiz yerinə görədir. Hacı Salman — Biz kimə qalib gəlirux? Kimlə vuruşurux? Hacı Mehdi — Biz vuruşmurux, bizim üçün vuruşurlar. Hacı Salman — Anlamadım! Hacı Mehdi — Yeri deyil, daha mən sənə burda vəzzariyyat oxuya bilmərəm ki! Hacı Salman — Yenə də olsun, ucundan-qulağından? Hacı Mehdi — Hansı tərəf qalib gəlsə, biz qalib gələrik. Yollar açılacaq, biz mallarımızı istədiyimiz bazarda, istədiyimiz qiymətə satacağıq. Hacı Salman — Hən də, insan ya gərək əksinqilabçı olsun, ya da ki, inqilabçı, yə’ni belə deyil?! Hacı Mehdi — Bə nəmənə? Hacı Salman — Hən də! Hacı Mehdi — İnqilab öz inqilabımızdır. Necə istəsək elə edərux. Tağı bəy — Belə ha! Mənim də dediyim budur. Əsil kişi sözü də budur. Öz inqilabımızı özümüz edərux. Mülkədar — (başı sarıqlı halda gəlir. Bir neçə çar bayrağı gətirir) Bu bayraqları vurun dar ağaclarının başına (alıb vururlar. Polislər meydanı camaatdan təmizləyir. Zeynəb və Cavad ağanı dara çəkmək üçün gətirirlər). 1-ci müçahid — Qaçaq Zeynəbi gətirirlər. Mülkədar — Camaat, bu qaçaq Zeynəbdir, buna baxıb ibrət alın. Mücahidlərin, qaçaqların axırı dar ağacıdır! Zeynəb — Camaat! Mən qaçaq Zeynəbəm. Mən nə yol kəsmişəm, nə adam öldürmüşəm, nə də yoxsul kəndlilərin son köynəyini çıxarmışam. Mülkədar — Tez kəndiri boğazına keçir! Zeynəb — Təbriz qadınları! Mən burada gördüyünüz insan ovlayanlar əlindən dağlara qaçmışdım. Məni tutdular. İndi məni, adam soyanlar, oğrular və xalqın düşmənləri asdırır. Cəllad məni asdırır. (Mülkədara) Mən sən kimi itlərin çoxunu öldürmüşəm. Mülkədar — Kəs bu bayquşun səsini! Tağı bəy — Səttar xan! Səttar xan gəlir. Hökumət qoşunu qaçır. Cavahir — Səttar xan gəlir! Mülkədar — (qaça-qaça) Konsula xəbər verin! Konsula xəbər verin! Konsula xəbər verin! Dilrüba — (qucağında Zeynəbin uşağı, qışqıra-qışqıra gəlir) Zeynəb, Zeynəb, Zeynəb! Zeynəb — (kəndir boğazına salınarkən) Oğul, balam! Dilrüba — (irəli gəlir) Qorxma, Zeynəb, Səttar xan gəlir! Davatkəroğlu — (Dilrubanı görüb əlləri süstləşir, kəndiri əlindən buraxır. Dilrubaya tərəf dönüb titrəyir) Ah, Dilrüba, mənim qatilim Dilrüba! Dilrüba — Burax, yaramaz! Zeynəb — (təpik ilə Davatkəroğlunu vurub yıxır). Çəkil, alçaq! Bazar adamı mülkədarın adamlarını daşa basırlar. Səttar xan dəstəsi ilə musiqi tərənnümləri altında gəlir. Səttar xan — (camaata) Azərbaycan xalqı! Əsirlik tarixinin vərəqlərini çırın! Qoy azadlıq deyə çağıran səslər qanlı Qacarın gülüstan saraylarını titrətsin! Qoy Azərbaycan xalqının sümükləri üstündə qurulan Qacar qəsri yerindən oynasın! Qoy dumanlı Təbrizin üfüqlərində şığıyan ildırımlar bütün Azərbaycan xalqının azadlıq yollarını işıqlandırsın!.. (Qılıncını çəkib irəli keçir. Hökumət qoşunlarını qovub meydandan çıxarırlar. Zeynəb Dilrubanı bağrına basır və uşağını qucağına alır). Səttar xan — (Zeynəbə) Sən indi qaçaq Zeynəb deyil, qoçaq Zeynəbsən! Tağı bəy — (gəlir) Tağı bəy dəstəsi məğlub olmaz! Mən Davatkəroğluna can verən oğul deyiləm! Hacı Salman — (gəlir) Biz adamın kürkünü yırtarux! Hacı Mehdi — İnqilabçı olmuşam da, olacağam da! Hacı Salman — Niyə də olmayım axı, gəl Hacı Mehdi, əlahəzrət imperatorun konsulu gəlir. Buludlar qalınlaşır. İnqilabçılar mülkədarı əsir gətirirlər. Səttar xan — (Tütünçüoğluna) Dar ağaclarını yıxmayın. Sahibkarın özünü asdıracağam! Konsul — (bir neçə qazaq ilə gəlir). Gününüz xeyir, cənab Sərdar! Mən bir məsələ üçün yanınıza gəlmişəm. Səttar xan — Buyurun! Konsul — Sahibkar imperator himayəsindədir. Səttar xan — İnqilab hərəkatına qarışmayacağınıza söz vermişdiniz. Konsul — Sözümüz sözdür. Səttar xan — Elə isə dar ağaclarına yaxşı baxın! Konsul — Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur. Səttar xan — Bəs o çar bayraqları nədir? Konsul — Sərdar! Sizin qarşınızda duran böyük Rusiya hökumətinin nümayəndəsidir! Səttar xan — Böyük Rusiya xalqının nümayəndəsi olsaydınız bir dost kimi əlinizi sıxardım. Təəssüf ki... Konsul — Nəhayət, sizinlə bir general danışır! Səttar xan — Sizinlə də Azərbaycan xalqının iradəsini təcəssüm etdirən sadə bir sərbaz danışır! Konsul — Son sözümdür! Səttar xan — Mənim də son sözümdür. Xalqın düşmənlərini dar ağacına! Sahibkarı dar ağacına qaldırırlar. Pərdə * * * Üçüncü pərdə Səttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır. Səttar xan — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur. Sərkərdə — Cənab Sərdar, mən də inqilabçıyam. Lakin nə etməli, Bağ-meşə təslim oldu. Qara Məlik düşmən tərəfinə keçdi. İndi artıq Azərbaycan inqilabı əvəzində mühasirəyə alınmış bir şəhər vardır. Səttar xan — (acıqlanır) Azərbaycan adına böhtan demə! Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, onun oğulları diridir, onun inqilabı da yaşayacaqdır. Qara Məlik, Bağ-meşə nə üçün təslim oldu? Sərkərdə — Xalq sözə yox, qüvvətə inanır. Səttar xan — Sayın çoxluğu qüvvət deyil. Qüvvət bacarıqdan, qorxmamaqdan və kütlədə dönüş yaratmaqdan ibarətdir. Biz üsyana başladığımız zaman kimə arxalanmışdıq? 9 nəfərə! Amma indi bütün bir orduya arxalanırıq. Tütünçüoğlu — Elədir, cənab Sərdar. Səttar xan — Onda bizi kim tanıyırdı? Tütünçüoğlu — Heç kim. Səttar xan — Amma indi bütün inqilabçı dünya bizi tanıyır. Bizi Rusiya və Zaqafqaziya inqilabçıları tanıyır. Bizi böyük Lenin tanıyır! Telefon zəng çalır. Tütünçüoğlu — Hə... Bəli, Sərdarı? Bu saat, cənab Sərdar. Səttar xan — (telefonu alır) Hə, salam, nitqlərinizin surətini almışam. Baştan-ayağa, yaşasın Səttar xan və məhv olsun Məmmədəli şahdan başqa heç bir şey yoxdur. Möhtərəm natiq, əsil məsələ yalnız torpaq və suda deyil, mübarizə milli azadlıq uğrundadır. (Trubkanı yerinə qoyur). Hər başda bir cürə fikir, hər dildə bir cürə söz... 1-ci müçahid — Alvar cəbhəsindən Cavad ağa gəlmişdir. Səttar xan — Buraxın gəlsin. Cavad ağa — (silahlı olaraq gəlir) Sizi təbrik edirəm, cənab Sərdar. Alvarı götürdük. Alvarda hökumət qoşununun müqavimətinə baxmayaraq, Bağır xan qüvvətimizi lazımınca təşkil edib hökumət qoşununu darmadağın etdi. Alvar xalqı da inqilab qoşunları ilə bərabər şəhərin köməyinə gəldi. Səslər — Yaşasın Səttar xan! Yaşasın Azərbaycan! Səttar xan — (pəncərədən həyətə) Namuslu ağalar, qeyrətli və qəhrəman qardaşlar. Bu günkü qələbənizi bütün Azərbaycan xalqı adından təbrik edirəm! İnqilab paytaxtına xoş gəlmisiniz! Səslər — Yaşasın Səttar xan! Yaşasın inqilab! Səttar xan — Zülmkarlar mövqelərini möhkəm etmək üçün fars-azərbaycanlı ixtilafları yaratdılar. Xalqın milli azadlığına təcavüz etdilər. Məsələ budur. Səhnə arxasından Dərvişoğlunun səsi eşidilir. Dərvişoğlu: Şiəyi-ali-Əlidən qalmamışdır bir nişan, Dini möhkəm qıldı Səttar xan, Bağır xan, ya Əli! Hatəmdə olmamışdır səndə olan səxavət. Rüstəmdə olmamışdır səndə olan şücaət... Səttar xan — Eşidirsinizmi? Mən çox arzu edərdim ki, bizimkilər gizlin iş üsulunu həyatə, qoşun arasına soxulmuş dilənçi Dərvişoğlundan öyrənsinlər. 1-ci müçahid — Bu adam müçahidlər arasına soxulub, icazəsiz qərargahın həyətinə girmişdir. Tütünçüoğlu — Səni bura kim buraxdı? Dərvişoğlu — Sakit ol, bu evdə beş gün qonaqsan. Allaha sığınsın gərəkdir insan. Tütünçüoğlu — (acıqlanaraq) Riyakar məl’un, de görək səni bura kim göndərdi? (Vurmaq istəyir). Dərvişoğlu — Ya haqq, ya dust Əli! Səttar xan — Dayan, buna bir tümən pul verin. Dərvişoğlu — Ağam Əli səni inqilaba çox görməsin (Oxuya-oxuya gedir): Şiəyi-ali-Əlidən qalmamışdır bir nişan, Dini möhkəm qıldı Səttar xan, Bağır xan, ya Əli! Səttar xan — Casusdur. Biz onu öldürsək, düşmənlərimiz deyəcəklər ki, biz Əli nökərini öldürdük. Bu saat uşaqlara tapşır ki, Dərvişoğlunun dalısınca düşsünlər, hər kəslə danışsa tutub yanıma gətirsinlər. (Cavad ağa gedir, Səttar xan sərkərdəyə) Siz də gedin, əlaqə saxlayın, rabitə işlərimiz yerində deyil, bu nə deməkdir, cəbhənin cəbhədən xəbəri yoxdur? Sərkərdə gedir. Zeynəb — Salam, Sərdar, gününüz xeyir. Səttar xan — Əleykəssəlam! Haradaydın? Zeynəb — Hacı Salman ağa mehmanxanada taxıl satanların iclasını çağırmışdı. Səttar xan — Saat ikidə? Zeynəb — Bəli, saat ikidə. Səttar xan — İndi saat yeddidir. Bilirsən, əziz bacım, bəzən bir dəqiqə keçikmək bir ildə qazanılan böyük bir qələbəni uduza bilər. (Evi dolanır). Zeynəb — (utana-utana) Bu mənim səhvimdir, cənab Sərdar. Doğrusu, Cavad ağadan nigaran idim. Alvar cəbhəsinə getmişdim. Səttar xan — Eybi yoxdur, səni başqa iş üçün çağırmışam. (Fikirli bir surətdə evi dolanır). Düşmən şəhəri ac qoymaq üçün ittifaq düzəldir. Bizimkilər də onun buraxdığı sülh şayiələrinə inanır. (Zeynəb və Tütünçüoğluna). Əksinqilab qərargahına getmək lazımdır. Tütünçüoğlu — Mən gedə bilərəm. Səttar xan — Nə cürə gedə bilərsən? Tütünçüoğlu — Dilənçi paltarında. Səttar xan — Yox, hərçənd düşmən bu üsulu işlədir, amma çox köhnəlmişdir (Qapı açılır, bir nəfər dilənçi gətirirlər). Bunu haradan tutdunuz? 1-ci müçahid — Səfi bazarçasında tutulmuşdur. Səttar xan — Səni niyə tutublar? Dilənçi — Bilmirəm, başına dönüm. Səttar xan — Dərvişoğlu ilə danışandamı tutdular? Dilənçi — O qaçdı, əvəzinə məni tutdular. Səttar xan — Adın nədir? Dilənçi — Mən Təbrizli deyiləm. Qaradağlıyam, dəstikirliyəm, adım Orağçıoğlu Xəlildir. Səttar xan — Bəs sənin Təbrizdə nə işin var? Dilənçi — Atam inqilabçı idi. Ələkbər xan atamı öldürüb, evimizi yandırdı. Qaçıb Təbrizə gəlmişəm. Səttar xan — Torbandakı nədir? Dilənçi — Çörəkdir, qapılardan yığmışam. Səttar xan — Yalan danışırsan, sən çorabçı ləvənd Təybənin oğlu Qədirsən (Tütünçüoğluna). Papağını götür (götürürlər). Başındakı çapıq yeri nədir? Dilənçi — Ələkbər xanın nökərləri atamı öldürəndə məni də yaraladılar. Səttar xan — Yenə yalan dedin? Doğrusunu desən səni azad edərəm. Dilənçi — And olsun İmam Hüseynə, bir kəlmə də yalan deməmişəm. Səttar xan — Dörd il bundan əvvəl Keçil qapısında sənin başını yaralayan mən özüm deyildimmi? Öz bacısının namusunu satmaq istəyən alçaq, onda qaçıb əlimdən qurtardın. Amma indi qurtara bilməyəcəksən. Dilənçi — Əsli olmayan sözlər eşidirəm. Mənim heç yerindən bacım olmayıb... Səttar xan — (Tütünçüoğluna) Cavahir bacını bura çağırın! Dilənçi diksinir. Dilənçi — Sərdar, məni inqilabın başına dolandır. Öldürmə, nə qədər ömrüm var, sənə qulluq edərəm. Səttar xan — Namussuzluq sənin iliyinə qədər işləmişdir. (Cavahir gəlir. Səttar xan ona əmr edir). Cavahir bacı, at çarşabını. Cavahir çarşabını atır. Dilənçi — Ah, namərd bacı, sən məni satdınmı? Səttar xan — Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirdin. Torbasındakı dinamitləri çıxarın, bizə lazım olar. Dilənçi — Məni öldürməyin, Sərdar! Cavahir — Cənab Sərdar, icazə verin o xaini mən özüm küllələyim. Səttar xan — Sənin cəzanı bacın Cavahirə tapşırıram. Apar! Cavahir tapançanı çıxarıb dilənçini aparır. Zeynəb — O, nə qədər də igid bir qızdır. Səttar xan — Əyləşin, indi deyin görüm, siz əksinqilab qərargahına necə gedə bilərsiniz? Zeynəb — Arvadlar Ermənistandan şərab alıb Dəvəçi məhəlləsinə aparırlar. İslamiyyənin ətrafı şərab satan arvadlar ilə dolu olur. Mən də bir bəsti şərab alıb ora gedərəm. Səttar xan — Yaxşı fikirdir. Sən ora kifayət qədər dinamit aparmalısan. Səni bizimkilər İslamiyyənin ikinci qapısının ağzında gözləyəcək. Zeynəb — Mən onları necə tapmalıyam? Səttar xan — Səid kimi başında göy əmaməsi var. Çiyninə Xorasan kürkü salır. Tez-tez çaxmaq çaxacaq, yanından qadın keçəndə, — ya haqq, ya haqq, — deyəcəkdir. Bəstini ona verərsən. Zeynəb — Baş üstə, hər şey aydındır. Səttar xan — Kağız vermirəm. Deyərsən ki, lağımları hazır oldu, olmadı? Bu gecə İslamiyyəni partlatmalıdırlar... Bu dinamitləri də götür get, uğurlar olsun! (Tütünçüoğluna). Sən də bir neçə bomba götürüb Zeynəbin dalısınca get! Hərkah o tutulsa, onu qurtarmağa çalış. Tütünçüoğlu — Baş üstə. Cavahir — (daxil olur). Cənab Sərdar, mən vəzifəmi bitirdim, mənə görə əmriniz? Səttar xan — Sən bu gecəni Dəvəçiyə qayıtma! Get hələlik rahat ol! Cavahir gedir. 1-ci müçahid — (gəlir) Cənab Sərdar, çar ordusunun generalı yanınıza gəlmək istəyir. Səttar xan — Buraxın gəlsin. (Mücahid gedir). Nə üçün gəldiyini bilirəm. General — (yanında iki nəfər xidmətçi gəlir) Gününüz xeyir, Sərdar. Səttar xan — Təşəkkürüm var, general. (Əlini sıxır və kürsünün üstündə əyləşmək üçün yer göstərir). General — İmperator hökumətinin tələbinə görə, İran hökuməti sülhə razılıq vermişdir. İmperator konsulxanası sizi inandırmaq üçün Qur’an möhürləyib. Səttar xan — Təşəkkür edirəm, general! General — Siz Qur’anın müqəddəsliyi naminə bu sülhə inanmalısınız. Bu gecədən e’tibarən hökumət ordusu Təbriz altından çəkilir. Səttar xan — Bunu sözdə deyil, işdə görməliyik. General — Çar konsulxanası imperator hökuməti namindən sizin salamatlığınızı tə’min edir. Səttar xan — (generala) Buyurun, cənab general. General — Silahları yığıb konsulxana nümayəndələrinə təhvil verməlisiniz. Cavad ağa — (tələsik gəlir) Cənab Sərdar, xəbər verirlər ki, düşmən Xiyaban tərəflərində şiddətli top atəşinə başlamışdır. Səttar xan — (generala) Təbrik edirəm, general! Top səsləri vəd etdiyiniz sülhün xəbərini verir. Cənab general, zəhmət çəkibsiniz. Bizim aldanmağa vaxtımız yoxdur. Həyat mübarizə tələb edir. General — Qəti cavab? Səttar xan — Azərbaycan xalqı silahı ancaq qələbədən sonra yerə qoyacaq. General — Mən imperator hökumətinin tələblərini dedim. Səttar xan — Mən də xalqımın arzularını söylədim. (General gedir. Səttar xan Cavad ağaya) Çar konsulxanasının sülhünə inanmaq üçün ya xain, ya da dəli olmaq lazımdır. Cavad ağa, sən burada ol, telefonla səsləyən olsa, deyərsən ki, Sərdar tezliklə qayıdacaq (gedir). Hacı Salman — (dışarıdan danışa-danışa gəlir) Canım, belə olmaz axı. Biz inqilabçıyux ya yox? Cavad ağa — Nə olub hacı, nə var ki? Hacı Salman — Nə olacaq. Biz böyük bir şəhəri ac qoya bilmərux ki? Hacı Mehdi — (gəlir) Hanı cənab Sərdar? Cavad ağa — Sərdarı neyləyirsiniz? Hacı Mehdi — Şəhərdə əlli çörəkçidən ikisi açıqdır. Biz camaatın qeydinə qalmalıyux ya yox? Cavad ağa — Əlbət ki, qalmalısınız. Sizə bu barədə kim mane ola bilər? Hacı Salman — Boynumuzda məs’uliyyət var axı. Hacı Mehdi — Kəklik kimi başımızı soxmuşuq qara, eşikdən xəbərimiz yox. Belə inqilab olmaz axı? Hacı Salman — Biz xalqı acından qıra bilmərux ki! Cavad ağa — Allaha şükür, taxılın və yemək şeylərinin hamısı tacirlərin əlindədir. Siz özünüz də əyalət şurasında tacirlərin nümayəndəsisiniz. Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. Hacı Salman — Bu sözü bizim yanımızda dedin, bir də ayrı yerdə demə, görünür ki, siyasətdən bixəbərsən. Bu sözdən əksinqilab iyi gəlir. Hacı Mehdi — Bu cür sözlər tacirlərin hüququna təcavüz etməkdir. Buna inqilab yol verməz. Hacı Salman — Bəs hanı cənab Sərdar? Cavad ağa — Cənab Sərdar tezliklə qayıdacaq. (Hacılar gedir, Cavad ağa onların dalınca): Haramzada köpək uşağı. Mən sizi Araz qırağından tanıyıram. Dilrüba — (tələsik daxil olur). Bunlar nə üçün gəlmişdilər? Cavad ağa — Şəhərin aclığından şikayət edirlər, deyirlər ki, çörəkçi dükanları bağlıdır. Dilrüba — (Hacı Mehdi və Hacı Salmanın dalınca) Bu gün səhərdən taxılları əksinqilab məhəlləsinə daşıtdırırlar. Tülkü haramzadalar! Görəsən Sərdar tez qayıdacaq ya yox! Tağı bəy — (gəlir) Cənab Sərdar hanı? Cavad ağa — Cənab Sərdarla nə işin var? Tağı bəy — Necə yəni nə işin var? Biz bu inqilabda iştirak edirik ya yox? Dünyanı aclıq içində həlak edə bilmərik. İndi ki, iş apara bilmirik, tapşıraq başqaları aparsın (gedərkən). Əşi, sən öləsən, yaxamız bir dəstə oğul-uşağın əlində qalmayıb? (Gedir). Cavad ağa — (dəhlizə tərəf) Sizə yüz dəfə tapşırılıb ki, icazəsiz adam buraxmayın. Səttar xan — (gəlir) Xoş gördük. Dilrüba, qızım, nə var, nə yox? Dilrüba — Hacı Mehdi və Hacı Salman taxılları əksinqilab məhəlləsinə daşıtdırırlar. Səttar xan — Hüseyn bağbanı telefona çağır. Cavad ağa — Özləri də gəlmişdi, şəhərin aclığından şikayət edirdilər. Dilrüba — (telefona) Kimdir danışan? Hüseyn əmi, sənsənmi? Sərdar səninlə danışacaq. Səttar xan — (gəlib trubkanı alır) Hüseyn, salam. Hə, mənəm, Səttar xandır. Hüseyn, görünür ki, təşkilatınız yatıb. Sübut?.. Hacı Mehdi ilə Hacı Salman taxılları əksinqilab məhəlləsinə daşıtdırır. (Dilrüba gedir. Səttar xan bir qədər telefonda durub dinləyəndən sonra): Bu saat onların anbarlarına möhür vurub, qapısında mücahid qoyarsan! (Trubkanı yerinə qoyur). Dilrüba — Cənab Sərdar, o gəlib sizi görmək istəyir. Səttar xan — Kimdir? O da ad olarmı? Dilrüba — Bilmirəm, sizin yoldaşınızdır. Səttar xan — (gülür) Yoxsa Qüdrət gəlib? Dilrüba — (utana-utana) Bəli! Səttar xan — Xəbər ver gəlsin. (Dilrüba getmək istəyir) Dayan! Al, bu günkü xidmətin üçün sənə bu nağanı bağışlayıram. Dilrüba — Təşəkkür edirəm, cənab Sərdar! Səttar xan — İndi get, həmən adsız oğlana xəbər ver ki, gəlsin. (gülür, məclisə) Bir neçə il bundan qabaq kimin əqlinə gələrdi ki, Azərbaycan qızı əlində silah azadlıq mübarizəsinə çıxacaq. (Qüdrət gülə-gülə gəlir. Səttar xan ona): Salam! Bilirəm niyə gülürsən. Zeynəb və Dilrubalar böyük gələcəyin nümunələridir. De görüm, şəhəri lazımınca öyrənə bildinmi? İnqilab təşkilatları nə haldadır? Qüdrət — Yemək işləri yaxşı deyil, hakim yenə müh­təkirlərdir. İnqilab təşkilatlarında laqeydlik vardır. Səttar xan — Doğrudur, yoldaş, tamam doğrudur. Dilrüba — Cənab Sərdar, bir qadın gəlib sizi görmək istəyir. Səttar xan — Kimdir? Nə istəyir? Dilrüba — Bilmirəm, adını söyləmədi. Şəxsən sizinlə görüşmək istəyir. Səttar xan — Çağır gəlsin (Dilrüba gedir. Səttar xan Qüdrətə) Cəbhələri gəzdinizmi? Qüdrət — Bəli, gəzdik. Döyüşçülərin ruhu olduqca yüksəkdir. Hücum üçün ürəkləri çırpınır. Nina — (daxil olur. Qüdrətlə görüşür). Salam Qüdrət, gününüz xeyir, Sərdar! Səttar xan — Xoş gəlibsiniz, Nina bacı, buyurun əyləşin! Nina — Sağ olun, Sərdar, getməliyəm. Gəldim xəbər verim ki, hökumət qoşunu bu gecə şəhərə basqın edib sizi və Saları əsir almaq niyyətindədirlər. Səttar xan — Belə... Nina — Ordu generalı bu gün sərkərdə Böyük xanla görüşəcəkdir. Səttar xan — Təşəkkür edirəm, Nina bacı, zəhmət çəkdiniz. Nina — Xoşdur. Məni bağışlayın, getməliyəm; salamat qalın. Səttar xan — Çox sağ olun. Xoş gəldiniz. Nina Səttar xanla görüşüb Qüdrət ilə bərabər gedir. Qüdrət onu ötürüb gəlir. Səttar xan — (Cavad ağaya) Biz onları qabaqlamalıyıq. Tez qoşun sərkərdələrinə xəbər ver, hazırlıq görsünlər. Cavad ağa gedir. Səttar xan fikirli otağı gəzir, Hacı Mehdi gəlir. Hacı Mehdi — Cənab Sərdar, gəlmək olar, ya yox? Səttar xan — (etinasız) Buyurun, hacı. Hacı Mehdi — Hacı Mehdinin sümüyü də, iliyi də, qanı da, əti də inqilabdır. Qaynayıb inqilaba qarışmışam. Səttar xan — (istehza ilə). Bunların hamısını mən bilirəm, bir daha təkrar etmək nə lazım? Hacı Mehdi — (əbasını atır, qılınc və kəfənini göstərir) Budur, bax! Əsil inqilabçı mənəm. Geyinib gəlmişəm, hansı səngərin zəifdir, buyur gedim ora. Səttar xan — (Qüdrətə) Cənab hacı əyalət əncümənində tacirlər nümayəndəsidir. İnqilab yolunda malından keçən adamlardandır. Hacı Mehdi — Malımdan yox, canımdan keçən adamam, cənab Sərdar nə vaxt buyursa, canımı qurban verə bilərəm. Amma mən necə ki, bir inqilabçı, bir şeydən razı deyiləm. Səttar xan — Nədən razı deyilsiniz, hacı? Hacı Mehdi — Əlli çörəkçi dükanından ikisi açıqdır. Biz inqilabçıyux, xalqımızı acından qıra bilmərux. Səttar xan — Çörək qıtlığının səbəbi nədir, hacı? Hacı Mehdi — Səbəbi odur ki, inqilab belə işlərlə məşğul olmur. Səttar xan — Bundan sonra məşğul olacaq. Çörəkçilərə ucuz qiymətə buğda verəcəyəm. Hacı Mehdi — (təəccüblə) Ucuz qiymətə? Səttar xan — Bəli, ucuz qiymətə! Hacı Mehdi — Hardan? Səttar xan — İnqilab anbarlarından! Hacı Mehdi — (kənarə) Bunu başa düşə bilmədim. Necə yə’ni inqilab anbarlarından? Səttar xan — (Hacı Mehdiyə) Əyləşin. Deyin qəzet müdirləri gəlsin. (Hacı Mehdiyə) Cənab hacı siz «Əncümən» qəzetini oxuyursunuz ya yox? Hacı Mehdi — Oxuyuram, cənab Sərdar. Qəzet müdirləri gəlir. Səttar xan — Xoş gəlib səfa gətiribsiniz, əyləşin. Mən qəzet işlərini yaxşı bilmirəm. Lakin qəzetlərin bu günkü vəzifəsini bilirəm... «Əncümən» qəzetinin müdiri kimdir? Hacı Mehdi — Ağayi Həmidi. Səttar xan — Oturun! (Stolun üstündən «Əncümən» qəzetini götürüb Qüdrətə verir) — Buyurun! Qüdrət — (qəzeti oxuyur) «İnqilab məntəqəsində çörək işlərinə diqqət verilmir. Əlli dükandan ancaq ikisi açıqdır. Əhalinin qeydinə qalan yoxdur. İnqilab təşkilatı çörəkçiləri cəzalandırmır». Səttar xan — Bu nə deməkdir? Hacı Mehdi — Cənab Sərdar, bu ki, yalan deyil. Səttar xan — Həm yalan, həm də iftiradır. Daha doğrusu, həyasızlıqdır. Siz bununla aclığın səbəbini inqilabda göstərməyə çalışırsınız. Nə üçün yazmırsınız ki, Hacı Mehdilər və Hacı Salmanlar taxılları əksinqilab qərargahına daşıtdırır? Hacı Mehdi — Bu olmadı ki, cənab Sərdar, bəs mən bu kəfəni niyə geyinmişəm? Qohumlarıma bir çuval taxıl göndərə bilmərəm? Səttar xan — (Cavad ağaya) Yaz, sabahdan etibarən «Əncümən» qəzeti və onun çapxanası bağlansın. Hacı Mehdi — (kənarə) Başa düşmürəm, bəs biz nə üçün inqilab eləmişüx? Hacı Salman — (səsi gəlir) Qoy Məmmədəli şah bilsin ki, Təbriz başlı-başına deyil! (Gəlir). Millətimin gözünü püfləyənin gözünü çıxardaram! Səttar xan — Əyləşin hacı, elə bu gecəki iclas millətin qeydinə qalmaq üçündür. (Bir qəzet gətirir). «Əlhədid» qəzeti. «Əlhədid» nədir? Qüdrət — «Əlhədid» dəmir deməkdir. Səttar xan — (O qəzetin müdirinə) Axı bir insaf eləyin, vicdanınız olsun. Onsuz da bədbəxt Azərbaycan xalqının dilini əlindən alırlar. Məgər bunun adını dəmir qoymaq olmazdımı? Cavad ağa — Nə üçün olmaz? Hacı Mehdi — Olsun da, olmasın da, nə olsun? Qüdrət — (bir kağız oxuyur) Bu qəzetin yeddi nəfər işçisi var. Ayda 250 tümən xərcidir. Həftədə bir kərə, iki yüz nüsxə çap olunur. Bütün gəliri ayda qırx tüməndən ibarətdir. Səttar xan — Bəs bunun 210 tümənini kim verir? Hacı Salman — Özləri inqilabçı adamlardır. Pulsuz işləyirlər. Səttar xan — (bir dəstə çek çıxarır). Bəs sən Hacı Salman ağa bu qəzetə ayda yüz on tümən nə üçün buraxırsan? Hacı Mehdi hər ay sərraf vasitəsi ilə nə üçün yüz tümən buraxır? İnqilab əleyhinə təbliğat apar­maq üçün? (Cavad ağaya). Qəzetə bağlansın, mətbəəsi zəbt edilsin. Hacı Salman — Qəzetə xalqın dilidir. Səttar xan — O bizim xalqın dili deyildir. Amma Azərbaycan dilində çıxan külkü məcmuəsinə ayda yüz tümən kömək verilməlidir. Cavad ağa, yaz! (Gəlib müdirin əlini sıxır.) Hacı Salman — (Hacı Mehdiyə) Gədə, Hacı Mehdi, bu nə həngamədir? Hacı Mehdi — (yavaşdan) Allah bizi yerin göyün bəlasından saxlasın! Musiqi səsi gəlir. 1-ci müçahid — Cənab Sərdar, Salari-milli Bağır xan təşrif gətirir. Səttar xan — Buyursunlar! Hacı Salman — (Hacı Mehdiyə). Bu gecənin xətasından qurtarsam, yüz yaşaram. Bağır xan — (daxil olur.) Rəfiqlərin axşamları xeyir olsun. (Gəlib öpüşür. Səttar xanın və Qüdrətin əllərini sıxır). Səttar xan — Çox şadam. (Qüdrəti göstərir). Möhtərəm rəfiqimizin də təşrifi buradadır. Artıq lazımi məsələləri həll etmək olar. Bağır xan — Bu gün çar konsulu ilə inqilab məsələlərini həll etdim. Səttar xan — (Bağır xana) Hansı inqilab məsələlərini? Bağır xan — Təbriz inqilabı məsələsini. Doğrusu, xalqı qırğına vermək istəmədim. Səttar xan — (Bağır xana) Əzizim, gözümün işığı, məsələ bir Təbriz məsələsi deyildir. Biz burada Azərbaycan məsələsini həll edirik. Bir də belə zamanda təkbaşına Təbriz məsələsini həll etmək olmaz. İnqilabda fəhlə də, kəndli də iştirak edir. Onlar bizə öz başımıza sülh etmək ixtiyarı vermişlər. Bağır xan — (acıqlı) Bəs mən kiməm? Səttar xan — Hər ikimiz üsyan ordusunun sərbazıyıq. Bağır xan — Mən başa düşmürəm. Biz nə üçün vuruşuruq? Səttar xan — Azadlıq üçün, qələbə üçün mübarizə aparırıq. Bağır xan — Qardaşım, sən gəl, biz sülhü davam etdirək. Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qazana bilərik. Məmləkətimiz kiçik, vəziyyətimiz ağırdır. İnqilab uzun çəksə, xalq acından qırıla bilər. Səttar xan — (stolun yanına gəlib xəritələri göstərir) Yox, qardaşım! Məmləkətimiz olduqca genişdir, bərəkətlidir. Tarixin qızıl dövrlərini keçirmiş bir məmləkətdir. Sənin nəyin yoxdur? (Xəritələri göstərir). Buyurun baxın, bu iki xəritə köhnə xəritədir. Bunların biri Böyük Pyotr zamanında, ikincisi Napoleon zamanında düzəldilmişdir. Bunlara yaxşı diqqət verin! Bağır xan — Diqqət verirəm. Səttar xan — Bu kəndlər keçmişdə Azərbaycan xalqının yaşadığı kəndlərdir. Həmədan şəhərinin ətrafıdır. Bağır xan — (xəritədə oxuyur) Qaraközlü, Qaşlı, Aşıqlı, Əlibəyli, Almabulaq... Səttar xan — Bu da təzə xəritədir. (Göstərir). Bunlar birinci və ikinci xəritədə göstərilən xətlərdir. Həman adları burada tap görüm! Bağır xan — (diqqətlə baxır). Onları burada görə bilmirəm. Səttar xan — Bax, mübarizəmiz bunun üstündə gedir. Apardığımız mübarizə bizim varlığımızı dünya xəritəsindən silənlərə qarşıdır. Bizim də sudan, günəşdən, torpaqdan istifadə etməyə haqqımız olmalıdır. Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. Yox, qardaşım, sülh olmayacaq! Bu qədər bərəkətli bir məmləkətdə milyonlarla dilənçi var. Qaçar xanədanı bu torpağı əsirlər və qullar diyarına döndərmişdir. Yox, qardaşım, sülh olmayacaqdır! İnsan kimi yaşamaq istəyən xalqlar özləri üçün şərəfli və yeni bir tarix düzəltməlidir. Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq. Bağır xan — Mən sənin yolunda ölümə gedərəm, Sərdar, lakin məsələni bu cür qoymaq bizim köməkçilərimizin sayını azalda bilər. Bundan sonra mübarizə yersizdir. Qoy xalq rahat yaşasın. Hacı Mehdi — Rəhmət bə valideyni-şuma... Hacı Salman — Bax, buna nə demişəm! Bu fikir əsil inqilabçı fikirdir. Bir gül ilə bahar olmaz. Bir balaca Təbriz böyük şah ordusunun qabağında nə iş görə bilər? Səttar xan — Nə isə, məsələyə keçək! Hacı Mehdi — Cənab Sərdar, cəsarət olmasın, nə kimi məsələlərimiz var? Səttar xan — Yoldaş Qüdrət şəhərimizin vəziyyəti barəsində mə’lumat verəcəkdir. (Qüdrətə) Başla görək, əziz yoldaş. Qüdrət — Düşmən Təbriz altında böyük hazırlıq aparır. Mübarizə uzun çəkəcək. Birinci növbədə xalqın qeydinə qalmaq lazımdır. Hacı Mehdi — Barakallah! (Hacı Salmana). Gədə, Hacı Salman, sən olasan getdiyin Məkkə, indicə mən sənə bu ağanın üzünə baxan kimi demədim ki, xalis inqilabçıdır? Hacı Salman — Bə nəmənə? İnqilabçı belə olar da... Qüdrət — Buna görə də mənim birçə təklifim var: şəhərdə və şəhər ətrafındakı bütün yeyinti şeylərini siyahıya alaq. Hacı Salman — Necə, necə? (Hacı Mehdiyə) Balan ölsün, Hacı Mehdi, gör bir bu nə deyir?! Qüdrət — Mövcud olan yeyinti şeyləri Hərbi İnqilab Komitəsinin ixtiyarına verilməlidir. Hacı Mehdi — Sonra? Hacı Salman — Sonra? Qüdrət — Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır. Hacı Mehdi — Bu inqilab olmadı ki! Hacı Salman — Məkər biz bundan ötrü qan tökmüşüx? Hacı Mehdi (Hacı Salmana) — Mən bu ağanın üzünə baxan kimi demədim ki, qafqazlıdan inqilabçı çıxmaz? Hacı Salman — Heç dəxli var? Səttar xan — İnqilabı müdafiə etmək üçün əlimizdən gələni əsirkəməyəcəyik. Hacı Salman — Əsirkəməyək! Ölmək lazımdır, dib ölək! Səttar xan — Siz Hacı Mehdilər, siz Hacı Salmanlar inqilabın qalib gəlməsini istəyirsiniz, ya yox? Hacı Salman — Qalib gəlsə də, gəlməsə də nə dəxli var ki? Hacı Mehdi — İstərüx, istəmərüx, bə neynərüx? Səttar xan (məclisə) — Bundan nə anladınız? Necə yə’ni istərüx, istəmərüx, bə neynərüx? Hacı Mehdi — Hən də... Siz soruşursunuz, biz kəmali sədaqətlə cavab veririk ki, istərüx, istəməx, bə neynərüx. Hacı Salman — Yə’ni belə deyil? Öz inqilabımızdır. Qalib gəlsə də, gəlməsə də, kimə nə dəxli var? Səttar xan — İnqilab qanunları nə tələb etsə, həyata keçirəcəyəm. Vəssalam! (Qüdrətə). Daha nə təklifiniz var? Qüdrət — Silahlı qüvvəmiz çox azdır. Səttar xan (Əncümən üzvlərinə) — Xalça fabrikindən qovulan 700 nəfər fəhləni silahlı qüvvəyə qəbul edəcəyəm, xərcini Əncüməndə qoyub keçirərsiniz. Hacı Salman — Biz bu məsələni Əncüməndə qoya bilmərüx. Hacı Mehdi — Bir şahı da olsa verə bilmərüx. Vəssalam! Səttar xan — Bu sizin borcunuzdur, siz bunu keçirməlisiniz. Hacı Mehdi — Bağışlarsınız, Sərdar, biz bu məsələni Əncüməndə qoya bilmərüx. Hacı Salman və Hacı Mehdi (qalxıb gedirlər) — Xeyir baba, biz bunu bacarmarüx. Tütünçüoğlu (gəlir) — Cənab Sərdar, Zeynəbi tutdular. Səttar xan — Nə vaxt, gedəndə, ya qayıdanda? Tütünçüoğlu — Qayıdanda. İki bomba atdım. Bir neçə nəfər ölüb, yaralandı. Lakin Zeynəbi qurtara bilmədim. Səttar xan — Tutanlar kim idi? Tütünçüoğlu — Tutanlar Böyük xanın adamlarından Davatkəroğlu ilə Əlidadaşdı. Səttar xan — Onu indi Böyük xanın əlinə tapşıracaqlar. Nə olur-olsun, biz onu xilas etməliyik! Tütünçüoğlu — Elədir, yoxsa Dəvəçidə işləyən yoldaşların hamısı məhv olacaq. Qüdrət — Zeynəb ölsə də sirr verməz. Ancaq onu xilas etmək mümkündür. (Saatına baxır). Bağır xan — Necə? Qüdrət — Bu gecə saat dörddə hökumət qoşunu şəhərə basqın edəcək. Biz onları qabaqlasaq, Zeynəbi də xilas etmiş olarıq. Bağır xan (e’tirazedici bir halda) — Şayiələri buraxın. Kişilər bizə nümayəndə göndərib. Bir həftədən sonra sülh məclisi açılır. Parlaman seçkiləri başlanır. Padşah bütün şərtlərimizi qəbul edib. (Qüdrətə) Mənçə belə-belə şeylərə inanmaq yaxşı nəticə vermməz. Qüdrət — Mənə inanın, cənab Salar. Bağır xan — Sizə inanıram, gözümün işığı, lakin sən də sülhü pozmaq üçün buraxılan şayiələrə inanma. Düşmən də öz məsləhətini sülhdə görür. Bizə də bu lazımdır. Qüdrət — Cənab Salar! Böyükxan bu gecə basqın edib sizi əsir almağa hazırlaşır. Biz onu qabaqlamalıyıq. Bağır xan — Xəbər haradandır? Qüdrət — Çar konsulxanasında işləyən tanış bir qızın gətirdiyi xəbərdir. Bağır xan — Rəfiq, bir qədər ehtiyatlı olun. Son vaxtlar bə’zi qızlar Təbrizi bir-birinə vururlar. Qüdrət — O qızın vasitəsi ilə alınan xəbərlər yalan olmur. Səttar xan — Salar, o rus qızının bizə olan dostluğu təəccüb ediləsi bir şey deyildir. Biz inqilab dərslərini o böyük xalqın mübarizə tarixindən oxuduq. 1-ci mücahid (gəlir) — Cənab Sərdar, atlı gəlib xəbər gətirmişdir ki, Maralan və Xiyaban tərəflərində şiddətli vuruşma başlanmışdır. Bağır xan — O tərəflərdə heç bir hərəkət ola bilməz! Səttar xan — Hüseyn Bağbana xəbər ver ki, 300 atlı ilə Xiyaban və Maralan tərəflərinə getsin. Mücahid gedir. Hacı Mehdi və Hacı Salman içəri girirlər. Hacı Mehdi — Axır, biz inqilabçıyux ya yox? Hacı Salman — Biz Yezid deyilux ki? Səttar xan — Nə olub Hacı? Hacı Mehdi — Bundan artıq nə olacaq ki? Anbarlarımızı möhürləyib qapısına da mücahid qoyublar. Hacı Salman — Mən özümü öldürəcəyəm. Qoy hamı bilsin ki, Səttar xan böyük bir inqilabçının ölümünə səbəb oldu. Hacı Mehdi (məclisə) — Bəlkə mən anlamıram. Belə də inqilab olar? Səttar xan — Mən sizi əmin edirəm, mallarınızın qiymətini bir şahısına qədər alacaqsınız. Hacı Salman — Qazancını istəmədik, barı öz mayasını versinlər. Hacı Mehdi — Biz inqilabdan qazanc almayacayux ki? Hacı Salman — Hən də, axır biz də inqilabçıyux ya yox? Səttar xan — Əmin olun! Hacı Mehdi (Səttar xana) — Cənab Saların başına and için inanım. Səttar xan — And içirəm. Hacı Mehdi — İnqilabsız bir günümüz də olmasın. Hacı Salman — Can ağzımdan çıxana qədər də inqilabçıyam. (Gedir). Bağır xan (məclisə) — Zənnimcə belə-belə işlər bizə ziyan verər. Xalqın anbarına və taxılına toxunmağı məsləhət görmürəm. Səttar xan — Bunlar taxılları əksinqilab məhəllələsinə göndərir, şəhəri ac qoymaqla xalqı bizim üstümüzə qaldırmağa çalışırlar. Taxıl məsələsi bizim həyat məsələmizdir. Qüdrət (saatına baxır) — Vaxt keçir, cənab Sərdar. Səttar xan — E’tiraz etmirəm, lakin hazırlıq lazımdır. Qüdrət — Gecə basqını üçün ancaq tədbir və cəsarət lazımdır. Bağır xan — Əziz rəfiqim, mən sizin fikrinizi bilmirəm. Hansı qüvvətlə hücum edəcəyik? Qüdrət — Bağır xan və Səttar xanın sarsılmaz iradəsi ilə. Səttar xan — Cənab Salar, siz burda qalın, mən gedərəm. Bağır xan — Yox, qardaşım, hərgah bir təhlükə varsa, qoy məni qarşılasın. Sən bilirsən ki, mən təhlükələrlə baş-başa vurmaq üçün yaranmışam, mücahid, hazır ol! Cavad ağa — Mücahid, hazır ol! Səttar xan — Get qardaşım, uğurlar olsun. Düşmənin məğrur başını ayaqlar altına sal! Bağır xan — Bu gecə düşmənin məğrur başı Sərdarın ayağı altına atılacağına and içirəm! Pərdə * * * Dördüncü pərdə Böyükxanın qərargahı. Zəngin bir şərq salonu. Böyükxan, əlində bir neçə məktub, salonu dolanır və öz-özünə deyir: Böyükxan — Şuarın vaxtı keçib, indiyə kimi deyirdik ki, Azərbaycan xalqı şahpərəstdir, amma indi «Rədd olsun Qacar xanədanı!» səsindən bütün Təbriz titrəyir. Xidmətçi (daxil olur) — Cənab general təşrif gətirir. Böyükxan (özünü itirir). — Buyursunlar. Qulluğunda hazıram. General (bir neçə çar zabiti ilə daxil olur). — Gəlişimin əsas səbəbi cənab Sərdarın kefini soruşmaqdır. Böyükxan — Xidməti-şərifinizdə hazıram, cənab general. General (zabitlərə Böyükxanı təqdim edir). — Şahənşah ordusunun baş komandanı Böyükxan cənabları ilə tanış olun. Böyükxan (zabitlərin əlini sıxarkən) — Nökəriniz Böyükxan. General — Sonra da böyük sərkərdəni ziyafətə aparmaq üçün gəldim, böyük dövlətlərin nümayəndələri ziyarətinizə müntəzirdir. Böyükxan — Təşəkkür edirəm, cənab general. General — Bir də mən Təbriz məsələsini aydınlaşdırmaq üçün cənab sərkərdənin hüzuruna gəldim. Məclisə çay gətirirlər. Böyükxan — Hərəkat böyükdür. Qüvvəmiz azdır. Lakin bu qədər kiçik qüvvətlə böyük işlər görürük. General — Görülən işlər qeyd ediləcək qədər böyük deyil. Konsulxanamız öz kəndindən qovulan mülkədarlar ilə doludur. Xüsusən, xalça fabrikinin qabağındakı hadisələr imperator hökumətini düşündürür. Orada həm şahənşah hökuməti, həm də imperator hökuməti təhqir olunmuşdur. Təbrizin mühüm məhəllələri Səttar xanın əlindədir. Böyükxan — Cənab general, Təbriz daim üsyan yuvası olubdur. İnqilab yanğınları həmişə buradan başlayıbdır. General — Görünür ki, sərkərdənin gözü qorxub. Böyükxan — Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. Səttar xan torpaq və milli azadlıq məsələsini qoyur. General — Bu fikir hamının deyil, tək-tək adamların fikridir. Böyükxan — İcazə verin poçtdan tutulan məktublardan bir neçəsini sizə oxuyum. Üsyan ruhu ölkənin şairlərinə də, ədiblərinə də sirayət edibdir. General — Ola bilməz! Böyükxan — Təbriz şairlərindən birisi suyun o tərəfində yaşayan əmisi oğluna belə bir məktub göndərmişdir: (oxuyur) Salamlar olsun sənə, əziz əmioğlum Əşrəf, İstəyirsən biləsən necədir bizim tərəf, Yazdığım kiçik şe’rə çox diqqətlə fikir ver. Bundan biləcəksən ki, nə haldadır bizim yer: Ölkəmizin cənubu geniş bir xəzinədir. Lakin, bu xəzinənin bizə faydası nədir? Ölkəmizdə tapılmaz sənin üçün başqa iş, Ancaq dilənmək üçün sənə hüquq verilmiş. Kəndlərdə vurhavurdur, şəhərlərdə çal-çapdır, Kimin başında papaq görsələr, qaphaqapdır. Hər tərəfdə veribdir üz qurd burun-buruna, Sürükləyir milləti fəlakət çuxuruna... General — Bəsdir, cənab sərkərdə! Bu dəhşətli sözləri eşitməkdən yoruldum. Xidmətçi (daxil olur, teleqram gətirir) — Həzrəti əşrəf, qibleyi-aləmdəndir. Böyükxan və konsul qibleyi-aləmin adına təzim edir. Böyükxan (teleqramı açıb oxuyur). — «Möhtərəm sərkərdə Böyükxan! Biz əmin oluruq ki, Təbriz iğtişaşını tezliklə yatıracaq, üsyançıları əsir edəcək və başçılarının dərisinə saman doldurub hüzuruma göndərəcəksiniz. Buna mükafat olaraq, sərkərdəni Azərbaycan valisi tə’yin edirəm». General (Böyükxanın əlini sıxır). — Həzrəti əşrəfi təbrik edirəm. Böyükxan — Təşəkkür edirəm, cənab general! General — Səfirdən də eyni məzmunda teleqram almışam. İmperator hökuməti Təbrizin bu vəziyyətinə soyuqqanlı baxa bilməyəcək. Böyükxan — Onlar verdiyimiz sülh və’dlərinə inanmadılar. Bu gecə saat dörddə şəhərə ümumi hücum başlanacaqdır. General — Cəsarət olsa da, qeyd etməliyəm: adamlarınız bacarıqsızdır. Səttar xanla Bağır xan arasına nifaq sala bilmədiniz. Mücahidlərin arasında da adamlarınız yoxdur. Böyükxan — Bunların heç biri fayda vermir. Onlar torpaq məsələsini qoyublar. Xalq şah hökumətini tanımır. Cənab general, bu gecə, sizi inandırıram ki, elə bu gecə... General (gedərkən Böyükxana) — Belə isə, həzrəti əşrəfi təbrik edirəm. Qələbə ziyafətiniz top səsləri ilə açılacaq. O zaman birinci piyalə sizin şərəfinizə içiləcəkdir. Gedirlər. Böyükxan — Həzrəti əşrəfin ömrü uzun olsun. Bu yolda ölsəm də qorxum yoxdur. (Onları ötürür. Zəngi çalır, xidmətçi gəlir) Get qoşun sərkərdələrini yanıma çağır! Xidmətçi (gəlir) — Tağı bəy gəlmək istəyir. Böyükxan — Burax gəlsin. Tağı bəy (gəlir, baş endirir) — Gecəniz xeyir, həzrəti əşrəf. Böyükxan — Nə xəbər? Tağı bəy — Gəldim xidmətinizə ərz eləyim ki, mən artıq inqilabçıların içində işləyə bilmərəm. Böyükxan — Nə üçün? Tağı bəy — Çünki onlar mənə inanmırlar. Qorxuram axırda məni tələf etsinlər. Böyükxan — Get işlə! Qorxaq olma! Hər nə əldə etsən qənimətdir. (Xidmətçiyə). Xəzinədara xəbər ver ki, Tağıbəyə yüz tümən bəxşiş versin. Dərvişoğlu (Pəncərənin altında oxuyur, işıq sönür) Eylədi islamı bu məşrutə viran, ya Əli! Rövnəqi-islamı ucaltdı Böyükxan, ya Əli! Böyükxan — Oxu! Oxu, gülüm, sabah sənin kəşkülünü qızıl ilə dolduracağam. Dərvişoğlu (pəncərənin altında) Hatəmdə olmamışdır səndə olan səxavət, Rüstəmdə olmamışdır səndə olan şücaət. Böyükxan — Dərvişoğluna, xələt, özü də mənə qonaqdır. Çiyninə əba salırlar. Dərvişoğlu — Necə yə’ni rədd olsun padşah, necə yə’ni yaşasın azad Azərbaycan, hamısının siyahısı məndədir. Böyükxan — Sabahdan e’tibarən o cürə sözlər eşitməyəcəksiniz. Hacı Mehdi (bayırdan) — Hələ Hacı Mehdi ölməmişdir ki, hər keda-güdə qibleyi-aləmə xoruzlana bilsin. Nicat ordusunun sərkərdəsinə salam! Böyükxan — Buyurun, nə əcəb təşrif gətirmisiniz? Hacı Mehdi (əbanı salır, qılınc və kəfəni görünür) — Qibleyi-aləmin yolunda qurban getmək üçün geyinib gəlmişəm. Ya Səttar xan, ya mən! Özüm gərək onu öldürəm ki, Təbriz rahat olsun. Böyükxan — Öldürüb gəlsəydin, daha yaxşı olardı. Dərvişoğlu — İkiüzlü haramzada. Sən bu dəqiqə onun yanından gəlmirsən? Hacı Mehdi — Həzrəti əşrəfin başına and olsun ki, mən Səttar xanı görsəm də tanımaram. Mən hara inqilabçı hara? Dərvişoğlu — İki saat bundan əvvəl Səttar xanın evindən çıxanda gördüm. (Hacı Mehdiyə) Tfu!.. Hacı Mehdi (Böyükxana) — Həzrəti əşrəf, getdiyim Məkkəyə and olsun ki, bu haramzada xalis məşrutəçidir. Böyükxan — Sus, məşrutəçilərin hamısı belə olsaydı, daha nə dərdimiz var idi? Çəkil! Hacı Salman (bayırdan) — Ona Səttar xan deyərlər, mənə də Hacı Salman! Çıxsın qabağıma, görüm allah kimə verəcək! (Böyükxana) Həzrət əşrəfin hüzuruna müşərrəf olmaq olar, ya yox? (Əbasını atır, qılınc və kəfənini göstərir) Hazır geyinib gəlmişəm, qibleyi-aləmə qurban gedirəm. Böyükxan (Dərvişoğluna) — Bu cənabı da tanıyırsınız ya yox? Dərvişoğlu — Bu da Hacı Salmandır, Hacı Mehdinin dostudur. Səttar xan bunların anbarlarını möhürləməsəydi, həzrəti əşrəfin hüzuruna gəlməzdilər. Böyükxan — Hər ikisini salın tövləyə, yüz çubuqdan sonra min tümən alıb buraxın. Hacı Salman — Həzrəti əşrəfin başı üçün, bir səmimi xeyir-duadan başqa bir qara şahı verəsi deyiləm. Böyükxan (xidmətçiyə) — Aparın! Həbsə alınanları gətirin. Xidmətçi — Həzrəti əşrəf, həbsə alınanların çoxunda vəsiqə vardır. Böyükxan — Nə vəsiqə? Xidmətçi — Çar konsulxanasında vəzifədədirlər! Böyükxan — Kimin vəsiqəsi varsa, üzr istəyib buraxın. Hacı Mehdi (Hacı Salmana) — Gədə, Hacı Salman, o vəsiqədən bir neçəsini bizə ala bilməzdin? Hacı Salman — Vəsiqə canı qurtarırsa, yeddi dövlətdən vəsiqə verim... Həzrəti əşrəf, icazə verin mən də vəsiqəmi göstərim. Böyükxan (öz-özünə) — Vəsiqələrini göstərsin! Kimi dindirirsən vəsiqə göstərir. Bəs mən bu qədər qoşunu nə ilə doyuracağam? Hacı Mehdi — Gədə, bə mən? Hacı Salman (yavaşdan) — Vəsiqənin biri 100 tümən! Bu saatda sərrafa bir havalə yaz, vəsiqəni qoyum ovcuna. Yoxsa dəyə-dəyə səndən min tümən alacaqlar. Hacı Mehdi — Gədə, bu olmadı ki, əqidə yoldaşı da bir-birindən rüşvət alar? Hacı Salman — Bə nəmənə? Hacı Mehdi (Hacı Salmana) — Yaxşı 25 tümən verim? Hacı Salman (Hacı Mehdiyə) — Kəs səsini məşrutəçinin birisi, ağzına bax, rüşvət verdiyinə bax, elə bircə saqqalımızın bu vaxtında rüşvət almağımız qalmışdı. Hacı Mehdi (yavaşdan) — Gədə, haraj təpmə, 25 də gəldim üstünə. Hacı Salman — Bir şahı əskik olmaz! (Soyunmuş halda gəlir vəsiqələri verir) — Bu vəsiqə Rusiya konsulxanasından. Böyükxan — Cənab hacını geyindirin, özündən də üzr istəyin. Hacı Mehdi — Dünyanın vəfasına lə’nət, məşrutəçinin paltarını geyindirib özündən də üzr istəyirlər. Bunu bir baş qibleyi-aləmə beləcə yazmasam, getdiyim Məkkə mənə qənim olsun! Hacı Salman — İndi ki, belə oldu, sən də vəsiqələrini çıxar. Həzrəti əşrəf, xahiş edirəm bu haramzadanın cibləri axtarılsın. Böyükxan — Bunu axtarın! Hacı Mehdi — Balan ölsün Hacı Salman, səsini kəs, 25 də gəldim üstə. Dərvişoğlu — Tfu sənin saqqalına, islamın abrını apardı. Casusdur! Hacı Salman (ucadan) — Məşrutəçinin birisi, sənin kimi adamın üzünə heç imam da zühur etməz. Böyükxan — Aparın, yüz çubuq da əlavə! Qapıçı — Həzrəti əşrəf, Davatkəroğlu hüzurunuza gəlmək istəyir. Böyükxan — Burax gəlsin. Davatkəroğlu (Əlidadaşla birlikdə Zeynəbi qolları bağlı gətirirlər). — Həzrəti əşrəf, dar ağacından qaçan Zeynəb həmin bu həyasızdır. Böyükxan — Harada tutdunuz? Əlidadaş — İslamiyyəyə bomba atmağa gəlmişdilər, yoldaşı atıb qaçdı. Bir neçə nəfəri öldürdü, bir neçəsini də yaraladı. Böyükxan (Zeynəbə) — Bombanı atan kim idi? Zeynəb — Bombadan da, bomba atandan da xəbərim yoxdur. Böyükxan — İslamiyyə tərəflərinə nə üçün getmişdin? Zeynəb — Ermənistandan müctəhidlərə satmaq üçün şərab aparmışdım. Davatkəroğlu — Həzrəti əşrəf, buna inanmayın, xalça fabrikini dağıdan budur, Culfada kəndli üsyanında da iştirak edən və mülkədarı asdıran da budur! Böyükxan — Alçaq qadın, səni bu yola məcbur edən nədir? Zeynəb — Həqarətdən qurtarmaq üçün başqa yol yox idi. Bir qarın çörək üçün insanların ən alçağına yalvardım. Ac, çılpaq, körpəm qucağımda, xidmət üçün qapı-qapı gəzdim. Lakin bir parça çörək müqabilində məndən irz-namus tələb etdilər. Böyükxan — Dilənçi, sən özün nəsən ki, irz-namusun nə olsun? Sənin saçlarını qırxdırıb bazarlarda dolandıracağam. Qoy başqalarına da ibrət olsun! Zeynəb — Öldürün, ancaq namusla öldürün! Böyükxan — Aparın işkəncə verin, öldürmək üçün o qədər də vaxt lazım deyil. (Sərkərdələr gəlir). Ağalar, cənab konsulun və şahzadə Eynüddövlənin əmrinə görə biz bu gecə saat dörddə şəhərə hücum başlamalıyıq. Sərkərdələrdən biri — Hazırıq, həzrəti əşrəf! Böyükxan — Əyləşin! (Zəngi çalır, Məmmədcəfər gəlir). Ağalar üçün nə hazırlamısan? Məmmədcəfər — Hər şey hazırdır, həzrəti əşrəf. Böyükxan — Bəs nəyi gözləyirsən? (Məclisə) İxtiyarımızda altı saatdan artıq vaxt var. Bu qədər saatı boş keçirmək olmaz. Burada oturan cənabların hər birisi bir məmləkətin ağasıdır. Ancaq bir şeyi bilməlisiniz ki, ağalıq qapısının açarı qılıncdır. Məmmədcəfər (bir dəstə çarşablı qadın gətirir. Bir neçə də çalan qadın gəlir) — Həzrəti əşrəf, ərz olsun ki, gətirdiyim xanımlar Təbrizin ən məşhur xanımlarındandır. Çalanlar, oynayanlar, oxuyanlar işvəli, nazlı gözəllərdir. Böyükxan — Hələlik bir şey görmürəm. Məmmədcəfər (bir qadını irəli çəkərək) — Bu xanım Vəliəhdin gözəl rəqqasəsi Xoşbudur. Oynar, çalar, oxuyar, hər şeyi bacarar. Böyükxan — Barakallah Xoşbu xanım, doğrudan da xoşuma gəldi. Məmmədcəfər (başqa birisinin çarşabını götürərək) — Bu Təbrizin gözəllərindən Səlimə xanımdır. Bu da İntizamülmülkün rəqqasəsi Abihəyat xanımdır. Böyükxan — Doğrudan da abi-həyatdır. Məmmədcəfər — Bu xanım da Təbrizin məşhur gözəli Cəmilə xanımdır. Oynar, çalar, oxuyar. Hər şey bacarar. Böyükxan — Oynasınlar, çalsınlar, oxusunlar, piyalə versinlər. Qadınlar hamısı məclisə baş əyib rəqs edirlər. Böyükxan (Dərvişoğluna) — Gülüm, oğlan, niyə səsin çıxmır? Dərvişoğlu — Həzrəti əşrəfin əmrinə müntəzirəm. Böyükxan — Bir kərə ağa dərviş bilməlidir ki, şe’r ancaq belə-belə məclislər üçün lazımdır. Əmr edirəm, bu gözəllərin hər birisinin özünə layiq bir şe’r deyəsən. Dərvişoğlu (rəqs edən bir qıza yaxınlaşır): Çox qaş-gözünü atma, kaman qaşına qurban, Gəl qoy dizim üstə başını, başına qurban, Rəqs eylə, dolan məclisi, rəqs eyləsin aləm. Sən gül mənə, gülsün üzüm, ey çöhrəsi laləm. Böyükxan — Hanı Gönçələb xanım? Dərvişoğlu Könül doymadı mütrübün tarından, Dönər tanrıdan, dönsə gər tarından. Gönçələb xanım gəlib oxuyur. Gönçələb xanım Bahar dilkəş, bülbül çalır kamança, Sən də üzündən tez at pərdəni, gözəl gönçə. Toy büsatı başlanıb çəməndə, Hər gülün ləbində bir xəndə. Saxlamışdır bir piyalə Çəməndə hər lalə. Çox uzun deyil bu həyat. Sən cövrü zülmü at Qoy gülsün eşqinlə kainat. Davatkəroğlu (nəş’ə aləmində). — Bütün dünya gözümün bir kiləsində yerləşir. Amma özümü bu dünyaya yerləşdirə bilmirəm. Dünya o qədər nazikləşdi ki, hoqqamın deşiyindən girib beynimə getdi. Geri çəkilin, dünyanı udacağam. Davatkəroğlu, Dərvişoğlu bir yerdə oxuyurlar. Davatkəroğlu — Gəl gözəlim, piyalə gətir. Dərvişoğlu — Gədə, Məmmədcəfər! Məmmədcəfər — Nə buyurursan? Dərvişoğlu — Bala, mənə bir stəkan çay. Məmmədcəfər — Böyük stəkanda, ya kiçik stəkanda? Dərvişoğlu — Nə böyük, nə kiçik, armudu! Məmmədcəfər — Purrəng olsun, ya kəmrəng? Dərvişoğlu — Nə purrəng olsun, nə də kəmrəng, məxməri. Məmmədcəfər — Acı olsun, şirin? Dərvişoğlu — Nə çox acı, nə çox şirin, kəmşirin. Məmmədcəfər — Qaşıq da qoyum ya yox? Dərvişoğlu — Mən ölüm, hər nə qoyursan qoy, amma qəmiş qoyma. Məmmədcəfər (aşpazxanaya səslənir) — Dərvişoğluna bir əmiri çay, stəkan nə böyük olsun, nə kiçik, armudu, rəngi məxməri, nə acı olsun, nə şirin, kəmşirin, bir dənə də qəlyan, amma qəmiş qoymayın! Böyükxan — Gədə, haramzada, qəmişsiz də qəlyan olar? Məmmədcəfər — Ağa, başına dönüm, özü buyurdu ki, qəmiş qoyma. Böyükxan — Məclis çox soyuq keçir. O qızı buraya gətirin (qapıçı baş əyib gedir). Səttar xan, Bağır xan, Hüseyn Bağban iki saatdan sonra yerə yıxılıb ayaqlarımdan öpəcəklər! Dərvişoğlu — Əlli yeddi hökumətdən yanıma nümayəndə gəlib məndən qəsidə istəyir. Sə’di bir cibimdə, Hafiz bir cibimdə, Xəyyam da qələmdanımda, Əlidadaş (qolları bağlı Zeynəbi gətirir) — Həzrəti əşrəf, hazır! Böyükxan — Nə gözəl dilənçidir: qaşları Cəmilənin qaşlarından qara, dodaqları Hüsniyyənin dodaqlarından sevimli. (Zeynəbə). Bilmirəm oynamaq bacarırsan ya yox? (Zeynəb sakit dayanmışdır) Ay qız, niyə sakit durmusan? Oynamaq bacarırsan ya yox? Zeynəb — Mən hər şeyi bacarıram. Böyükxan — Bunun qollarını açın. Əlidadaş (Zeynəbin qollarını açır) — Həzrəti əşrəfə baş endir, səni qurtarsa, gözəlliyin qurtaracaq. Böyükxan — Oyna, səni öldürməyəcəyəm, tovuz quşu kimi bəzəyib öz yanımda saxlayacağam. Dərvişoğlu ayıq olsaydı, buna bir şe’r yazardı. Bəh-bəh, sənin bu hüsni-cəmalın nə gözəldir! Ağ üzdə düşən o qara xalın nə gözəldir! Davatkəroğlu — Oyna, mənim payıma da sən düşmüsən, oyna. Zeynəb çalınan musiqi altında salonu dolanır. Davatkəroğlunun yanına yaxınlaşıb belindən tapançasını çıxarır, salondan çıxmaq istərkən qarşısını kəsmək istəyən Əlidadaşı vurur. Məclis qarışır. Zeynəb — İndi bir az da sən oyna! Əlidadaş yıxılır, Böyükxanın adamları Zeynəbi tutub Böyükxanın ayaqlarına atırlar. Böyükxan (Zeynəbə) — Mən səni min dəfə öldürüb, dirildib, yenə də yenidən öldürəcəyəm! Zeynəb — Sizin canavarlığınıza inanıram! Bayırdan gurultu gəlir. Böyükxan — Nə olub, nə xəbərdir? Xidmətçi — İslamiyyənin iclas otağını partlatdılar. Böyükxan — Biz bacarmadıq, onlar bacardılar. Səslər — Bağır xan, Bağır xan! Salon bir-birinə dəyir. Sərkərdələr rəqqasələrin çarşablarına bürünüb qaçmaq istəyirlər. Bir çarşabda Böyükxanın başına örtürlər. Mücahidlər pəncərələrdən və qapılardan salona tökülürlər. Rəqqasələr və çalan qadınlar bir tərəfdə oturub qorxularından titrəyirlər. Bağır xan (Qüdrətlə birlikdə daxil olur və salonu təəccüblə nəzərdən keçirir) — Hanı bu yuvanın tülküsü? Bunlar kimdir? Zeynəb (irəli gəlir) — Gecəniz xeyir, cənab Salar! Rəqqasələrdir. Bu çarşaba bürünənlər də padşah ordusunun sərkərdələridir. Bunlara da mən rəqqasəlik öyrədirəm. Hamı gülür. Bağır xan (Zeynəbin alnından öpür) — Sənin baxışlarından gələcək qalibiyyətin dastanları oxunur. (Böyükxanın başından çarşabı götürür.) Bunu təhqir etmə, sən buna da layiq deyilsən! Bu qadın donuna girən sərkərdələri inqilab qərargahına aparın! Hamısını aparırlar. Böyükxan — Yalvarıram, məni öldürmə, mənim həyatımı özümə satın. Bağır xan — Sənin həyatının bir qara şahı qiyməti yoxdur. Böyükxan — Ağırlığımca qızıl verərəm. Bağır xan — Sən tökdüyün qanların hər qətrəsi zalım şahın tacındakı incilərdən yüz dəfə qiymətlidir. Sən o qanları nə ilə ödəyəcəksən? Böyükxan — İyirmi kəndimi verərəm. Bağır xan — Onlar sənin deyil! (Tütünçüoğluna.) Götürün! Dərvişoğlu (nəş’ədə) — Yapışın əlimdən, körpü uçur. (Vəziyyəti gözdən keçirir). Davatkəroğlu (nəş’əli) — Səttar xanı, Bağır xanı hüzuruma gətirin, onları özüm cəzalandıracağam! Zeynəb (onun qulağından tutub qaldırır). — Qalx, Bağır xan hüzurundadır. Davatkəroğlu (yarım ayılmış halda) — Buraxsana, keçi qulaqlamırsan ki? (Gözünü açıb Tütünçüoğluna və Zeynəbə baxır). Nə yaxşı ki, yuxu görürəm. Yuxu olmasaydı, bağrım yarılardı. Tütünçüoğlu — Qollarını sakit saxla, alçaq! Bağır xan — Götürün, onları qan dəryasına döndərmək istədikləri Təbriz küçələrindən sürüyə-sürüyə Sərdarın hüzuruna aparacağam. Böyükxan — Mənimi? Mənimi? Ondansa öldürün məni! Bağır xan — Kəs səsini bayquş, sən tək bir ölümlə yaxanı qurtara bilməyəcəksən! Tarixin qızıl dövrlərini keçirən böyük vətənin şərəfli adını qara ləvhəyə yazmaq istəyənlər torpaqlarda sürünməlidirlər, götürün! Hacı Salman (Hacı Mehdiyə) — Desən deyəcəyəm. Hacı Mehdi — Demə, deməyim, hanı o haramzada Böyükxan? Gəlsin, haqq-hesabı çürüdək! Hacı Salman — Zindəbad Səttar xan! Qüdrət — Salar, xəyanət! Düşmən bizi mühasirəyə almışdır! Bağır xan — Kimin mühasirəyə alındığını indi görərik. Çıxarın bombaları, haydı arxamca!.. Pərdə * * * Beşinci pərdə Zeynəbin evi. Ev əşyası sadə və yoxsuldur. Gecədir. Top səsləri eşidilir. Dilrüba Zeynəbin oğlu Məcidi qucağında gəzdirir, lay-lay deyir. Dilrüba Laylay dedim yatasan, Gül yastığa batasan, Gül yastığın içində Şirin yuxu tapasan. (Evi dolanır, qucağından uşağı yırğalayır). Nina (tələsik daxil olur). — Evdə kim var? Dilrüba (kənara) — Yenə odur. Yenə mənim qəlbimi yaraladı. Nina (cavab gözləyici halda ona baxır). — Nə danışırsan? Dilrüba — Sənə kim lazımdır? Nina — Mən Qüdrəti görmək istəyirəm. Dilrüba — Allahı sevirsən, get, Qüdrətdən əl çək və mənə rəhmin gəlsin. Nina — Mənim səninlə heç bir işim yoxdur. Ancaq Qüdrət... Bilmirəm nə üçün tapşırığıma əməl etmədi. O tezmi gələcək? Dilrüba — Xeyr. O, burada yaşamır. Nina — O, mənimlə burada görüşməli idi. (Bir az Dilrübaya baxır və gülür. Təəccüblə.) Heç bir şey anlamıram. (Gedir). Dilrüba (bir qədər durub Ninanın dalınca baxır). — Qızların arzuları çürük, oğlanların sevgiləri isə yalan. Mən gecə-gündüz Qüdrət deyə düşünürdüm. Deyirdim ki, Bakıdan gələr, mənim üçün xoşbəxtlik gətirər. O qayıdıb gəldi. Şadlıq əvəzinə çəkilməz bir kədər gətirdi. Bir rus qızını da yanına salıb gəldi. Zeynəb (silahlı daxil olur) — Dilrüba, əzizim, yorğun görünürsən. Yoxsa uşaq səni yorub? Dilrüba — Yox, Zeynəb, elə demə! Mən yalnız buna baxdığım zaman kədərlərimi unuduram. Zeynəb (silahını çıxarır) — Dilrüba, bu uşağı nə qədər sevdiyimi bilmirsən. Mən bunu yoxsul günümdə doğduğum kimi, qorxulu bir gündə də yetim qoyub gedəcəyəm. Dilrüba (uşağı bağrına basır). — Bu nə sözdür, Zeynəb? Sənə nə olub? Yoxsa Cavad ağaya... Zeynəb (qatarı çıxarıb mıxdan asır). — Dilrüba, ölüm-dirim vuruşmaları gedir. Bir şəhərə yaxşı bax. Bizimkilər o odların-alovların içindədir. Top səsləri gəlir. Dilrüba (şəhərə baxır). — Ah, nə böyük dəhşət? Heç bilmirəm onun başına nə gəldi? Zeynəb — Azadlıq qansız və qurbansız qazanılmaz. Bu gün səngərlərimizdə iyirmiyə qədər qız-gəlinin son sözlərini eşitdim. Bizim qələbəmiz və Azərbaycan xalqının səadəti o alovların içərisindən süzülüb çıxır. Dilrüba (uşağı Zeynəbə verir). — Belə bir oğlu olan ana xoşbəxtdir, Zeynəb! Zeynəb — O xoşbəxtliyi hiss edirəm, lakin məndən sonra bu uşağa kim layla deyib, kimlər buna ana nəvazişi göstərəcəkdir? Dilrüba (ağlayır) — Bu fikirləri burax, Zeynəb, mən ki ölməmişəm, mən bu uşağı alovların içərisindən çıxarmışam. Zeynəb (uşağı alır): Dan yeri söküləndə, Zülf üzə töküləndə, Həyat təzədən gülər Körpə uşaq güləndə. Laylay balam, laylay, Arzum, ümidim laylay. Eh, Dilrüba sən özün də ana olacaqsan. Sənin də öz balan olacaq. Dilrüba (kədərli) — Ah, Zeynəb sən nələri düşünürsən? Mən də əvvəl sənin kimi düşünərdim. O Bakıdan qayıtdı, mənim düşüncələrim məhv oldu. Arzularım bir xəyala döndü. Zeynəb (təəccüblə) — Nə olub axı, bu kədərin səbəbi nədir? Dilrüba — Səbəbini sən gözəl bilirsən. Zeynəb — Mən nəyi bilirəm? Dilrüba — Sən onun bir rus qızı ilə gəldiyini bilə-bilə nə üçün məndən soruşursan? Qüdrət hər gün onunla görüşmürmü? (Ağlayır.) O nə üçün məni aldadır? Mənim günahım nədir? Zeynəb (uşağı buraxıb, Dilrübaya yaxınlaşır). — Bu nə deməkdir? A qız, mən bunları haradan bilirəm? Dilrüba (Ağlaya-ağlaya) — O buna haqlıdır. O qız gözəldir, həm də varlıdır. Daş-qaş içindədir. Amma mən bir kəndli qızıyam, bir yoxsulam. Zeynəb (onun saçlarını sığallayaraq) — Bu cür fikirləri başından at. O səni sevir, sənin bir telini dünyalara dəyişməz. Dilrüba — O bunları ancaq Bakıdan yazdığı məktublarda deyir. Görünür ki, o cür sözləri hər qıza demək olarmış. Zeynəb — Mən səni Qüdrətdən də artıq sevirəm. O sənə xəyanət etsə, mən onu bağışlamaram. Lakin inana bilmirəm. Dilrüba (bir məktub çıxarır). — Buyur, inanmırsansa, indi inan, dünən kağızı gətirən haman rus qızı idi. Yarım saat əvvəl yenə gəlmişdi. Görünür mən burda onların xoşbəxtliyinə mane oluram. Zeynəb — Rus qızı? Dilrüba — Bəli rus qızı, özü də dünən dedi ki, kağızı öz əlinə tapşırarsan. Zeynəb — Ver bura. Dilrüba — Yox, dedi ki, öz əlinə tapşırarsan. Zeynəb — Bu da mənə bir dərd oldu. (Qüdrətin şəklinə baxır.) Bunu kimə demək olar? Özün inqilabçı ola-ola, bir qızı burada çidarlamısan, birisini də Bakıdan yanına salıb gətirmisən. Dilrüba — Kim deyir ki, insanın xasiyyətini üzündən oxumaq mümkündür? (şəklə) Üzünə baxırsan, mələk kimi bir insandır. Gözlərindən mərhəmət və mehribanlıq yağır. Ürəyi isə başqa cürə imiş. Zeynəb — Sən qəm yemə, mən Qüdrətlə çox ciddi danışacağam. Dilrüba — Lazım deyil, bəlkə də onun xoşbəxtliyi haman rus qızının taleyinə bağlıdır. (Qapı döyülür, Zeynəb gedir, Dilrüba məktubu qoynundan çıxarıb baxır). Sevgini adama acı dərman kimi içirmək olmaz ki... Əvvəlcə mən onu ayrı cürə sevirdim, indi isə, bir inqilabçı yoldaş kimi sevəcəyəm. Qüdrət Zeynəb ilə bərabər içəri girir. Dilrüba məktubu gizlədir. Qüdrət — Salam, Dilrüba. Dilrüba — Salam. Qüdrət (silahlarını çıxarır) — İki gündür boğazımdan su da getməyib. Düşmən topları Təbrizin daş-torpağını bizim başımıza tökdü. (Zeynəbə) Bacı bir az su gətir üzümdəki toz-torpağı yuyum. Zeynəb (e’tinasız) — Üzündəki ləkələri təmizləmək mümkündür, amma vicdanındakı ləkələri təmizləmək çətindir. Qüdrət (təəccüblə baxır) — Nə olub, Zeynəb? Bu nə deməkdir? Zeynəb — Elə bir iş tutmusan ki, deməyə də utanıram. Qüdrət — Nə iş tutmuşam? Hansı hərəkətim səni utandırır? Zeynəb — Tayfamızın adını batırma. Sən bilirsən ki, mən bu qızı yüz canavarın ağzından qurtarmışam. Qüdrət — De görüm nə olub axı? Yoxsa səhərdən bəri cəbhədə vuruşub doymamısan? Olmaya evdə də bir cəbhə açmaq istəyirsən? Zeynəb — Bu cürə sözlərlə bizi aldada bilməzsən. Qız beş ildir sənin yolunu gözləyir. Sənsə başlamısan oyun çıxarmağa. Dilrüba su tökür, Qüdrət əllərini yuyur. Qüdrət — Başa düşmürəm. Necə aldatma, nə oyun? Sözün acığını deyə bilməzsənmi? Nə qız? Zeynəb — Sən bir papağını qabağına qoyub fikirləş, gündə bir qızın ətəyindən tutmaq namuslu oğlanlara yaraşmaz. Bu işi Sərdar eşitsə sənə nə deyər? Qüdrət — Dilrüba, and içirəm, cəbhələrdə ölsəm də, sənin sevginlə öləcəyəm. Dilrüba — Mən səni həmən qızla görməsəydim, bəlkə də andına inana bilərdim, o qız artıq burada yaşamaq istəyir. (Məktubu göstərir). Bax, qız bu məktubu da sənə gətirmişdir. Zeynəb — Buyur indi şübhə qalmadı ki? Qüdrət (məktubu alıb düşünür). — Dünyada şübhədən qorxulu bir düşmən ola bilərmi? *(Məktubu oxuyub, başını tutur) — Dilrüba, ah, belə bir məktubu iki gündən bəri saxlamaq olarmı? Heç bilmirəm nə cavab verəcəyəm! Zeynəb — Deyəsən görüşün baş tutmayıb, ver bura, aparıb oxudacağam! Qüdrət — Zeynəb məni anla, sən gəl bu qızı da şübhəyə salma, bu məktubu hər adama oxutmaq olmaz. Zeynəb — Gördün ki? Düz-əməlli olsa idi, bizə də oxuyardın! Qapı döyülür, Zeynəb qapıya gedir. Dilrüba — Mən heç bir məktubla maraqlanmıram, artıq həqiqət mənim üçün aydındır. Qüdrət — Dilrüba, qısqanclıq məhəbbəti parçalamaq üçün amansız bir qılınçdır. Dilrüba — Ürəyi olan bir qız qısqanmamağı bacararmı? Zeynəb — (Tütünçüoğlu ilə bərabər gəlir. Dilrubanı şeylərini yığarkən görür) Dilrüba, nə eləyirsən? Dilrüba — Gedirəm, ona mane olmaq istəmirəm. Zeynəb — Sən niyə gedirsən, qoy səni istəməyənlər getsin. (Şeyləri alıb yerə qoyur). Qüdrət — (Tütünçüoğluna) Qərargahda nə var, nə yox? Tütünçüoğlu — Düşmən Xiyabanda və Quruçayda bizim müdafiə xəttini yarıbdır. Qüdrət — (Tütünçüoğluna) Əsəd, sən bu saat Sərdarın yanına qayıt. (Yavaşdan). Bu məktubu Səttar xanın öz əlinə tapşır. Zeynəb — Bəhanə ilə məktubun başını əkmə, göyə də çıxsan, yerə də batsan gərək mən o məktubdakını biləm. Dilrüba — (şeylərini toplayır və Tütünçüoğluna) Əsəd qardaş, gedirsənsə, məni də Maralan məhəlləsinə qədər yola sal. Qüdrət — (onun şeylərini alıb yerə qoymaq istəyir) Sakit ol, Dilrüba, gecədir, göydən qurğuşun yağış kimi yağır. Qapı vurulur, Qüdrət qapıya gedir. Qüdrət Nina ilə bərabər danışa-danışa daxil olur. Nina — Qüdrət, bəs məktub sənə yetişmədimi? Nə üçün əməl etmədin? Dilrüba — (kinayəli) Nigaran qalma, sənin məktubunla o qədər də maraqlanan yoxdur. Nina — (təəccüblə) O nə demək istəyir? Zeynəb — (durub Ninanı qucaqlayıb öpür) Ax, Nina bacı, nə tez bizi yadından çıxardın? Tütünçüoğlu — (Ninanın əlini sıxır). Valiko yoldaşdan həmişə səni soruşuram. Nina — Nə edim? Konsulxanaya işə girəndən, yazıq Valiko ilə heç görüşə də bilmirəm. Qüdrət — Əsəd, mən burada Cavad ağanı gözləyəcəyəm. Sən məktubu apar, gecikdirmə. Zeynəb — (Ninaya) Tanış ol, Qüdrətin yoldaşıdır. (Dilrubanı göstərir). Nina — (onun əlini sıxır) Nina Nikitina. Zeynəb — (Dilrubaya) Valiko yoldaşın qadınıdır, bizim yaxın dostumuzdur. Özü də inqilabçıdır. Nina — Xoşbəxt olsunlar. Nə qədər də gözəldir. Amma bilmirəm nədəndir ki, qara gözlü qızların hamısı acıqlı olurlar. Qüdrət — O həm acıqlıdır, həm də qısqancdır. Məktubun yubanmasına səbəb də budur. Bir qədər də yubansa idim... Nina — Bəs belə de... deyirəm axı, bu qız nə üçün mənə acıqlı cavab verir. Gəl yaxından tanış olaq. Mən Qüdrətin əqidə yoldaşıyam. Zeynəb — (qəhqəhə ilə gülür) A qız, yoxsa Nina bacıya qısqanırdın? Dilrüba — (sevindiyindən Ninanı öpür). Məni bağışla, mən səninlə qaba rəftar elədim. Qüdrət — Amma mən nə səni, nə də bacımı bağışlamayacağam. Cavad ağa — (qapını açıb içəri girir) Gecəniz xeyir. Sizin dalınızca gəldim. Quruçay tərəflərində vəziyyət qorxuludur. Düşmən o tərəflərə güclü qoşun dəstələri gətirir. Nina — Elə mən də bunun üçün gəlmişəm. Konsulxanada olan məlumata görə hökumət qoşunu Maralan və Quruçay tərəflərindən şəhərə soxulacaq. Qüdrət — (Zeynəb və Dilrübaya) Bu gecə başqa gecələrə bənzəməz. Siz bu gecə evdə oturun. Cavad ağa — Mən də belə məsləhət görürəm. Zeynəb — Uşağın yanında qalmağa adam tapmışam. Ölsək də, qoy bir yerdə ölək. Qüdrət — Özünüz bilin, (Cavad ağaya) Düşmən Qara Məlik məhəlləsinə soxulub. Sən o tərəflərə getməlisən, vəziyyət qorxuludur. Sərdar bu vəzifəni sənə həvalə edib. Cavad ağa — Mən hazıram. Qüdrət — O tərəflərdəki vəziyyəti öyrənib qayıtmalısan, yubanma! Cavad ağa — Bu saat! Qüdrət beşiyin yanına gəlib yavaşca uşağın üzündən öpür, getmək istərkən Dilrüba onu dayandırır. Dilrüba — Dayan, mən də gedirəm (libasını dəyişmək üçün o biri otağa gedir). Nina — Birlikdə gedək. Mən də Valikonu görmək üçün qərargaha gedəcəyəm. Qüdrət — Zeynəb, uşağı tək buraxma. Dilrüba gəlir. Qüdrət və Nina vidalaşıb gedirlər. Cavad ağa — Zeynəb, bilirəm, mən desəm də sözümü eşitməyəcəksən. Amma oğlumu sənə tapşırıram. Vaxtdır, mən gedirəm. Zeynəb — Hansı səngərdə olacaqsan? Cavad ağa — Quruçay səngərlərində! Zeynəb, mənim başıma bir iş gəlsə, sən uşağı bir təhər yaşatmalısan. Zeynəb — O fikirləri başından at, əzizim. Cavad ağa — (gəlib uşağın üzündən öpür, saatını qoynundan çıxarır) Zeynəb, al bu saatı, Məcid böyüyəndə ona verib deyərsən ki, atan bağışlayıb, sənə yadigardır. Deyərsən ki, atana da Səttar xan bağışlamışdı. Zeynəb — (uşaq ayılır): Laylay beşiyim laylay, Evim-eşiyim laylay. Sən get şirin yuxuya. Çəkim keşiyin, laylay. Cavad ağa — (gedib, yenə də beşiyin yanına qayıdır) Yat oğlum, yuxun şirin olsun! Sevimli balam, yat! Sənin xoşbəxt yaşayışını tə’min etməyi bacarmadımsa da, minlərcə sənin kimilərin səadəti uğrunda ölümə gedirəm. Zeynəb onun boynunu qucaqlayır, öpüşürlər. Pərdə * * * Altıncı pərdə Quruçay körpüsü. Cəbhədir. Körpünü düşmən qoşunları müdafiə edir. Atışma səsləri eşidilir. Səttar xan dəstəsi hücuma keçir. Düşmən qüvvəsini sıxışdırıb səhnədən çıxarırlar. Qüdrət, Cavad ağa, Tütünçüoğlu, Tağı bəy və başqaları vuruşurlar. Qüdrət — (səhnə arxasında) Mücahid, hazır ol, səngərdən qalx! Sağa və sola hücum! Körpüyə tərəf irəli! Qoşun hücum edir, körpünü alırlar. Cavad ağa — Düşmən artıq körpüyə kömək verə bilməyəcək. Qüdrət — Hələlik hücumu dayandırmaq lazımdır. Buradan yüz addım irəli getsək, düşmən bizi mühasirəyə ala bilər. Maralan və Xiyaban düşmən əlindədir. Cavad ağa — (qoşuna) Fərağat! Tağı bəy — Necə yə’ni fərağat? (Havaya bir güllə atır) Düşmən qüvvələri pozulub qaçdığı bir zamanda hücumu niyə dayandırırsınız? Qüdrət — Sakit, Sərdar belə əmr vermişdir. Tağı bəy — Biz qan tökub körpü almışıq. Bu başlayıb ki, fərağat... Cavad ağa — Əvvələn, sən körpü alınandan sonra gəlmisən. İkincisi, Sərdarın əmri bizim üçün qanundur. Tağı bəy — (qoşuna) Uşaqlar, biz kimi gözləyirik? Allaha şükür, buradakıların hər biri bir Səttar xandır. (Bir güllə də havaya atır.) Tütünçüoğlu — Səttar xan Sərdari-milli, Bağır xan Salari-milli. Ay Tağı bəy, sənə nə ad qoyaq? Cavad ağa — Ad məndə: Səttar xan Sərdari-milli, Bağır xan Salari-milli, Tağı bəy də bərkə düşəndə, Dalığalari-milli. Gülüşürlər. Tütünçüoğlu — Qardaşın canı üçün lap boyuna biçilib!! Tağı bəy — Sizin çənəniz işləyir, mənim başım. O ki, qaldı dala qalmağa, burda heç gülməli bir şey yoxdur. Heyif ki, gülləm azdır, yoxsa hər birinizə bir güllə vurardım. (Havaya güllə atır). Tütünçüoğlu — Güllən azdırsa, onda havaya güllə atma. Qüdrət — (telefonda) Cənab Sərdar, əmrinizə görə hücumu dayandırmışam. Bəli... Qoşunun ruhu yüksəkdir. Çalsınlar, oxusunlar, oynasınlar? Baş üstə! Biz sizin əmrinizi gözləyəcəyik. (Telefon dəstəyini yerinə qoyur. Qoşuna müraciət edir). Oxuyun, çalın, bunun özü də qələbədir. Ruhunuz yüksək olsun. Qələbə bizimdir! Tütünçüoğlu — Uşaqlar gəlin vaxtımızı boş yerə keçirməyək. Ölənlərin eşqinə, qalanların şərəfinə bir-iki ağız oxuyun görək. 1-ci mücahid — Ay düdükçülər, indi ki, tüfəngləri yerə qoymuşsunuz, düdükləri işə salın görək! Tağı bəy — Elə görürəm, işlərimizin hamısı düdükdən ibarət olacaq. Tütünçüoğlu — Tağı bəy, burax görək, düdük olan yerdə zurnaçılığın nə mə’nası var. Gülüşürlər. Tağı bəy — Belə daha olmaz axı, biz bura çalıb-oynamağa gəlməmişik ki. (Qüdrətə) Biz döyüşmək istəyirik. Tütünçüoğlu — Həsənağa, başla görək. Həsənağa — (Oxuyur): Təbrizin üstünü alıbdır duman, Dönmərəm yolumdan dizə çıxsa qan. Səttar xanam, İsmayıl xan oğluyam, Qəhrəmanam, vurub yıxan oğluyam! Tağı bəy — Sağ ol, yaşa! (Güllə atır). Cavad ağa — Sənə deyildi ki, havayı güllə atma! Tağı bəy — A balam, özünüz dediniz ki, ruhumuz yüksək olsun, mən də kef eləyirəm. Həsənağa — (oxuyur) Atam Qaradağda hamıdan qoçaq, Özüm də elimdən düşmüşdüm qaçaq. Atlansam Təbrizdə tufan qopacaq, Səttar xanam, İsmayıl xan oğluyam, Qəhrəmanam, vurub-yıxan oğluyam. Tütünçüoğlu — Baqi olsun Səttar xan! Qüdrət — Arxa tərəfdən gələn var (Qüdrət qaraltı tərəfə gedir). Tağı bəy — Belə olar ha! İrəli getsəydik, düşmən bizi burada yaxalamazdı. (Yavaşdan) Dədəmizin evi yıxıldı! Tütünçüoğlu — (Tağı bəyə) Otur yerə, nə tez kürkünə birə düşdü? Cavad ağa — (səsləyir) Kimdir o?.. Bağır xan — Mənəm, özgəsi deyil! Cavad ağa — Gecənin adı? Bağır xan — Girman. Cavad ağa — (səngərdə) Gələnlər bizimkilərdir. Tağı bəy — (bucaqdan qalxır) Bizimkilər olmamış kim olacaqdır? Tağı bəy ki, buradadır, bir nəfərin də burnu qanamaz. Bağır xan — (gəlir) Gecəniz xeyir, uşaqlar! (Qüdrətin əlini sıxır). Bu gecəki qələbənizi təbrik edirəm! Məncə daha irəli gedə bilərdiniz. Qüdrət — (Bağır xana) Yox, Salar. Başqa cəbhələrdən xəbərimiz yox idi, irəli gedə bilməzdik. Mühasirə qorxusu var idi. Bağır xan — Elədir, Maralan altında duran qoşun arxamızı kəsə bilərdi. (Öz-özünə). Təbriz top güllələri altında titrəyir. Tağı bəy — (səngərdəkilərə) Gördünüz xəyanət var? Bə mən deməyim bu bakılı bizi satdı? Bağır xan — (Tağı bəyə acıqlanır) Sən haradan gəlib bura düşdün? Tağı bəy — Cənab Salar, azadlıq uğrunda bir qətrə qanım qalana qədər vuruşan oğlanam. Bağır xan — (gülür) Mən səni yaxşı tanıyıram. Fərraş Tağı Azərbaycanın azadlığı uğrunda!? İnanmalı sözdür? (Tağı bəyə). Dur buradan rədd ol get! Tağı bəy — Başına dönüm, Salar, keçənin bu vaxtında, inqilabçı adam, mən hara gedim? Tütünçüoğlu — Ay uşaq, iki top, dörd pulemyot, yüz nəfər də mücahid götürüb Dalığalari-millinin evlərinə ötürün. Tağı bəy — (Bağır xana) Cənab Salar, başına dönüm! Bağır xan — Yaxşı, otur yerində, səsini çıxarma! Qüdrət — (telefonda) Mərkəz, mərkəz. Maralan cəbhəsini ver! Qüdrətdir. Quruçay cəbhəsi danışır. Hə, hə mənəm, Sandro. Gülləyə qənaət etmək lazımdır. Yadından çıxmasın. Qırx nömrəli bombalar 30 addımlıq məsafədən... əlbəttə, Xiyaban və Göy məscid cəbhəsi ilə əlaqə saxla! (Dəstəyi yerinə qoyur) Bağır xan — Maralan tərəflərində düşmən topları göz açmağa imkan vermir. (Telefonun zəngi vurur. Bağır xan dəstəyi götürür.) Bağır xandır, gecəniz xeyir, Sərdar! Bəli, uşaqlar düşməni körpüdən məharətlə qovublar. Tələfat əhəmiyyətsizdir. Eşidirəm... Nə üçün? Bu saat (dəstəyi yerinə qoyur). Sərdar xəbər verir ki, düşmən Açı körpüsündən şəhərə soxulur. Qüdrət — (Tütünçüoğluna) Əsəd, bir qutu bomba ilə Açı körpüsünə, tez ol! (Cavad ağaya). Atlar hazırdır ya yox? Tütünçüoğlu — Hazırdır. Qüdrət — Elə isə yubanma! Cavad ağa — Uzaqdan qaraltılar görünür. Kimdir o? Zeynəb — (qadınlar və qızlarla gəlir) Girman! Gecəniz xeyir yoldaşlar. Cavad ağa — Zeynəb, yaralanmısan? Zeynəb — Salar və Sərdar sağ olsun! (Pulemyotu səngərə çəkir). Qüdrət — Saman meydanı tərəflərində nə var? Zeynəb — Orda işi bitirdik. Düşmən çoxlu tələfat verib qaçdı. Sərdar əmr verdi ki, pulemyotu Quruçay səngərinə aparım. Qızlar yemək şeyləri və küzələrdən su tökub mücahidlərə paylayırlar. Qüdrət — (Zeynəbə) Bəs Dilrüba harada qaldı? Zeynəb — Dilrüba Dəvəçi qapısında vuruşur. Bağır xan — (qarşı tərəfə baxır) Düşmən körpünü geri almaq üçün hazırlıq aparır. Qüdrət — (körpünün üstündə) Bir güllə də atılmamalıdır! Tağı bəy — Qəribə kələyə düşmədik?! Qüdrət — Gərək düşmən bizim körpüdə olan qüvvəmizi bilməsin. Düşmən güllələri səngərə tökülür. Tağı bəy — Qəribə adamdır ha! Düşmən bu saat gəlib sizi toyuq kimi kişləyib aparacaqdır. Ağamız deyir ki, bir güllə də atılmasın; (qoşuna). Siz nə fikirdəsiniz, evi xarabın uşağı! Cavad ağa — Səsini kəs, toyuq hində olar, səngərdə olmaz. Sənə bir dəfə deyildi ki, otur yerində. Tağı bəy — Canım, bu olmadı ki, biz də özümüzə görə bir kişiyik ya yox? İgid igidlə belə rəftar eləməz axı? Tütünçüoğlu — (səngərə) Ay uşaq, bir xəkandaz od ilə bir qədər səs eşitməmiş üzərrik gətirin, igidə göz dəyər. Qüdrət — İgidə bir baxın! Bağır xan — Qələbəni qazandıran cəsarətdir, ürək möhkəmliyidir, intizamdır. (Qüdrətə) Vaxt deyilmi? Qüdrət — Yox, Salar, bomba məsafəsi deyil. Cavad ağa — Mücahid, hazır ol! Tağı bəy — Buyur indi geri otur. (Bir güllə atır). Qüdrət — (Bağır xana) Xəyanət! (Səngərə) Mücahid, hazır ol! Düşmən qüvvəsini bir yerə yığmaq üçün sağı-solu vurun. Düşmən tərəfindən səslər ucalır. Səslər — Əli xan, irəli! — Səfərəli xan, irəli! — Məmmədəli xan, irəli! Qüdrət — (Cavad ağaya) Cəvahir yaralandı. Qadının yerinə başqası keçir. Qadınlar tez-tez yaralıları götürürlər. Bağır xan — (əlində tüfəng danışır) Mücahidlər, igidlik və imtahan vaxtıdır. Cəbhədə ölmək daha şərəflidir. Möhkəm dayanın, qoy düşmən bilsin ki, Azərbaycan xalqı ayaqlarda sürünməyəcəkdir! Tağı bəy — (səngərdəkilərə) Bizim özümüzün də əqidəmiz var ya yox? Çəkilməyin də vaxtını bilirik, irəli getməyin də! Səslər — Tağı bəy yalan demir ki!.. Zeynəb — Bu nə danışıqdır? Sizin bu hərəkətiniz dost adamın hərəkəti deyil, pozğunluq salanlar özündən küssün!.. Tağı bəy — Sən öləsən, yaxamız arvad-uşaq əlində qalmayıb?! Heç bilmirəm, bu papağı başımıza nə üçün qoymuşuq! Cavad ağa — Saların əmrindən çıxanın beynini dağıdaram. Qüdrət — (əlində bomba) Yerə yatın! (Bombaları atır). Bir, iki, üç! (Səngərdəkilərə) Atəş! Düşmən tərəfə atəş açırlar. Cavad ağa — (Bağır xana) Cənab Salar, Sərdar sizi telefona çağırır. Bağır xan — (telefona) Aha, bu saat! Bəli, eşidirəm... Əmin ola bilərsiniz. (Dəstəyi yerinə qoyur). Sərdar buyurur ki, Maralan altında duran düşmən qoşunu darmadağın oldu. Quruçay cəbhəsi hücuma keçə bilər. Qüdrət — Salar, biz burda dayansaq, düşmən qüvvətini toplayıb hücuma keçəcək. Bağır xan — Ürəkli olun! Düşmən Açıçay tərəflərində basılmışdır. Sərdar bu saat bizim köməyimizə gələcək. Cavad ağa — Kimdir o? Qaraltı səs vermir. Tağı bəy — Qoy əhdini kəsim. (Vurmaq istəyir. Zeynəb tüfəngin lüləsi ilə ona mane olur, güllə havaya gedir). Zeynəb — Dayan! Tağı bəy — Necə yə’ni dayan? Mən inqilabçı adamam, heç vaxt ehtiyatı əlimdən verə bilmərəm (Bir güllə də havaya atır. Dilrüba səngərə daxil olur). Dilrüba — (Bağır xana) Salar, casus tutulub, Eynüddövləyə kağız aparırmış. Bağır xan — Bəs hanı? Dilrüba — O özünü öldürdü. Apardığı məktubu götürmüşəm. Bağır xan — Məktubu ver. (Alır. Tağı bəy qaçmaq istəyir). Cavad ağa — Hara? Tağı bəy — Cənab Saların əmrindən çıxan oğlan deyiləm, dedi get, mən də gedirəm. Tütünçüoğlu — Otur! Tağı bəy — Canım, burada oturmağa məcbur deyiləm ki? könüllü yazılmışam, könüllü də gedirəm. Cavad ağa — Onu buraxmayın! Bağır xan — (Dilrübaya) Barəkallah qızım! (Məktubu açıb fənər işığında oxuyur). Tağı bəy — Bu da inqilabçının axırı. A balam, səngər mənim üçün dustaqxana yad deyil ki? Qoymazsınız çıxıb kasıbçılığımıza gedək? Bağır xan — (məktubu oxuyur) «Cənab şahzadə, şərtimizə görə, havaya atdığım güllələri sayarsınız. Hər gülləm yüz nəfərdir. Bu, körpüdə beş yüz mücahid olduğuna işarədir. Körpünü əbəs yerə buraxdınız. Əlli nəfərə qədər mücahid ölübdür. Aralığa təfriqə salmışam. Bir çoxu döyüşmək istəmir. Qüdrəti fürsət düşən kimi vuracağam». Xəyanət! Belə bir məktubu Eynüddövləyə kim yaza bilər? Cavab verin, kim yaza bilər? Cavad ağa — Tağı bəy, Tağı bəy yaza bilər. Tütünçüoğlu — Havaya güllə atan da Tağı bəy idi. Tağı bəy — (Bağır xana) Bir qələtdir eləmişəm, məni Sərdarın başına bağışlayın! Adam xatasız olmaz ki, qorxudan yazmışam. Bağır xan — (mücahidlərə) Bu alçaq xainin cəzası nədir? Zeynəb — Ölüm! Bağır xan — (Cavad ağaya) İnqilab adından əmr edirəm! Tağı bəy — Məni inqilaba bağışla. Bağır xan — Düşmən yaxınlaşır. Mən sol tərəfdən, Cavad ağa sağ tərəfdən bombaları atan kimi səngərdən qalxarsınız. (Zeynəbə). Pulemyotu körpünün başına çəkin, hücuma keçmək istəyən düşmənə imkan verilməməlidir. (Cavad ağa, Qüdrət və Zeynəb gedir. Mücahidlərə). Dostlar, azadlıq təhlükələr içindən süzülüb keçir. (Top, tüfəng səsləri gəlir). Bu səslər bizi mübarizəyə çağırır. İgidliyə də’vət edir. Bizə qələbə müjdələri verir. (Bomba səsləri eşidilir, Bağır xan əlində tüfəng səngərdən qalxır.) Mücahidlər qalxın! Səngərdən çox az adam qalxır. Qüdrət, əlində tapança gəlir. Tağı bəy arxadan ona bir güllə atır. Dilrüba — (Tağı bəyi vurur) Alçaq, nə etdin? Qüdrət — Dilrüba, tez pulemyotun arxasına keç. Zeynəbi vurdular. Əsəd, bomba ver! (Səngərdəkilərə) Qardaşlar, düşmən bizimkiləri mühasirəyə almaq istəyir. Salar köməksizdir, səngərdən qalxın, hücum! Zeynəb — (gözünü açır, Cavad ağanı səsləyir) Cavad ağa, oxu, oxu, qoy son dəfə səsini eşidim. Oxu, yubanma, oxu! İldırım şığıyır, yağış başlayır. Cavad ağa — (Gözünün yaşını silib oxuyur): Bu dağlar ulu dağlar, Çeşməli-sulu dağlar, Burda bir gəlin ölür, Göy kişnər, bulud ağlar! Zeynəb — (birdən gözünü açır) Cavad ağa, Məcidi yaxşı saxla! (Ölür). Dilrüba — (başından şalını açıb, onun üzünə çəkir) Zeynəb, Zeynəb! Məcidi öz oğlum, öz balam kimi bəsləyəcəyimə cənazən qarşısında and içirəm. Qüdrət — Salar, düşmən bizi mühasirəyə almaq istəyir. Tütünçüoğlu — (tələsik gəlir) Səttar xan gəlir! Səttar xan — Hanı Salar? Qüdrət — Sərdar, xəyanət baş verdi. Vəziyyət ağırdır. Bağır xan — Sərdar, biz hücumu uduzduq. Səttar xan — (üzünü qırmızı bayraqlara tutur) Siz də şərəflə başınızı əyin. Azərbaycan qadınlığının qəhrəman övladı ilə vidalaşın. Aslan ürəkli, polad iradəli Zeynəblə son dəfə görüşün! Bayraqlar başını əyir, matəm marşı çalınır. Bağır xan — Zeynəb, Zeynəb! Şahların taxtını tərsinə çevirsəm də, ürəyimdə yanan intiqam odu sönməyəcəkdir! Səttar xan — (mücahidlərə) Azərbaycanlılar, verdiyimiz qurbanlar inad və iradəmizi çoxaldır. Mübarizə davam edir! Səngərdən qalxın, qoy Təbriz üfüqlərində şığıyan ildırımlar şahın gözlərini bir daha qamaşdırsın, qurbanlar eşqinə irəli! İstiqlal və azadlıq uğrunda irəli... Qoşun hücuma keçir. Səhnə boşalır, atışma səsləri gəlir. Pərdə * * * == Böyük quruluşda == Böyük quruluşda (Səkkiz pərdəli dram əsəri) Əsərdə iştirak edənlər Qəhrəman – gənc mühəndis. Bəhlul – gənc mühəndis. Mürid kişi – qoca müəllim. Vıstavka Nəsir – Fəhlə, köhnə kolxozçu, 50 yaşlarında Portfel Güllü – Staxanovçu qadın, köhnə kolxozçu – Nəsirin sevgilisi. Mirzə Əhməd – qoca mühəndis, Amerikada təcrübə dərsləri keçmiş bir adam, Amerika mədəniyyəti və Amerika texnikasına səcdə edən. Dilbər – gənc mühəndis. Mirzə Teymur – Fransada təcrübə dərsləri keçmiş qoca bir mühəndis. Avropa mədəniyyətinə səcdə edən. Baş mühəndis – Orta yaşlı bir adam, azərbaycanlı deyil. Direktor – orta yaşlı. Raykom katibi – gənc bir adam. Hümmət – həmkarlar şə’bəsi müdiri, gənc. İsmixan – Staxanovçu, köhnə çoban. Katelnikov – gənc mexanik. Firəngiz – gənc oxuyan qız, Qəhrəmanın sevgilisi. Xidmətçi qadın. Sazəndələr. Kolxozçular, kəndli qadınlar, qızlar. Kütlə. * * * Birinci pərdə Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür. Şofer — (Kabinədən düşərək qapını açır) Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün. Qəhrəman — Nə üçün, Sumqayıta yetişdikmi? Şofer — Xeyr, hələ yetişməmişik. Artıq bu maşın gedə bilməz. Dinamo partladı, həm də yolu itirmişik. Bəhlul — (Maşından düşür) Bu nə hadisədir? Nə üçün stansiyada gecələmədik? İqbal bizi bir fələkin qoynunamı sürükləyir? Biz haradayıq? Şofer — Vətəndaş, heç bir həyəcan lazım deyil. Burada kolxozçular vardır. Mən özüm də maşını burada buraxmalı olacağam. Qəhrəman — Nə etməli?! Bir qədər soyuqqanlı olmaq lazımdır. Qapılardan birisi açılır. Mürid kişi əlində fənər dışarı çıxır. Mürid kişi — Oradakılar, kimsiniz? Qəhrəman — Qoca baba, yol adamıyıq, yolu azmışıq, maşınımız da xarab olubdur. Burada gecələmək mümkündürmü? Mürid kişi — Bu nə sözdür? Nə üçün mümkün deyil? Qonağın üzünə qapı bağlanarmı? Bəhlul — Çox razıyıq, qoca baba! Mürid kişi — (gəlib fənəri onların üzünə tutur) Balalarım, indi ki, yolu itirmisiniz, gəlib qonağımız olun, sabah sizi Sumqayıta yola salaram. Bizim kolxozçuların həyatı ilə də tanış olun. Bəhlul — Nə qədər maraqlı hadisə! Mən çoxdan bəri kolxozçuların həyatı ilə maraqlanırdım. Mürid kişi — Hava da bir qədər sərindir. Sizin üçün bir tonqal düzəldim. (Fənəri ağacdan asıb tonqal düzəldir). Gəlib qızının, mən də gedib uşaqlara xəbər verim. Qəhrəman — Lazım deyil. Kolxozçuların rahətini pozmayın, özünüz də gedib rahat olun. Mürid kişi — Yox balalarım, adətimizi poza bilmərik. Ataların sözüdür, qonaq girməyən evə xeyir-bərəkət girməz. (Mürid kişi gedir). Bəhlul — Hava olduqca sərindir. Qəhrəman — Sərin olmasa belə, kimin gözünə yuxu gedə bilər? Bəhlul — Xüsusən kolxozçuların yaşadığı bu mənzərə olduqca şairanədir. Bir də ki, bizim ikimiz də cəbhə həyatı ilə uzun illər yaşamışıq, şükür olsun ki, böyük qələbələrlə məmləkətə qayıtdıq. Qəhrəman — (bir ah çəkərək) Doğrudur qələbə ilə qayıtdım. Lakin həyatımdan qiymətli olan bir cəvahiri itirdim. Bəhlul — Harada? Qəhrəman — O Moskvada musiqi məktəbində oxuyurdu. Xəbərim yoxdur, kim bilir bəlkə də öz qəlbinin qapısını başqa bir sevgiyə açdı. Bu əsnada kolxozçular, kolxozçu qız və qadınlar gəlirlər. Portfel Güllü — Xoş gəlib, səfa gətiribsiniz, gözümüzün üstündə yeriniz var. (Qadınları və qızları səsləyir). Ay qız Xırda xanım, ay qız Göyçə, niyə dayanmısınız? Xalçaları açın, Nazlı xanım su gətir, qonaqlar yıxansın. Ay Güldəstə samovarı hazırla! Vıstavka Nəsir — Ay Tapdıq, çüçələrdən kəs! Əliqulu dayanma, alnı qaşqa şişəyi vur yerə! Qəhrəman — Ay canım, bu nə zəhmətdir? Biz heç də buna razı deyilik. Portfel Güllü — Çoxda ki, siz razı deyilsiniz. Sizi buradan əzizləməmiş yola salsaq bizə nə deyərlər? Oturub bizimlə bir tikə çörək kəsmək günah deyil ki. Nəsir — Ay Cəvahir bacı, niyə durmusan? Sarı inəyi sağsana! Qızxanım bacı, təndiri yandırıb, lavaş hazırla! Nazlı su gətirir, qonaqlar yıxanırlar, qızlar üz dəsmalı gətirir. Bəhlul — Kolxozlarda nə qədər şən və səmimi həyat vardır. Doğrudan da indi mən özümü tamamilə başqa bir aləmdə hiss edirəm. Biz kəndi tanımırıq. Nəsir — Yolu azıb bizim kolxoza gəlməyiniz biz kolxozçular üçün xoşbəxtlik oldu. Nə olar, gəlib bizim həyatımızla da tanış olun. Bu da bir cürə yaşayışdır. Qəhrəman — (Bəhlula) Kolxoz həyatı nə qədər mə’nalı həyatdır. Böyük bir kənd möhtəşəm bir ailə şəklinə girmişdir. Mürid kişi — Bu həyat xüsusən mənim üçün gündən-günə təzə bir qüvvət yaradır. Bunlar məni öz doğma ataları kimi bəsləyirlər. Kaş yüz il ömrüm olaydı, bu əzizlik içində yaşayaydım! Qəhrəman — Qoca baba, sizin bir kəsiniz yoxdurmu? Mürid kişi — Məni bir kərə çar hökumətinin zamanında, bir kərə də müsavat dövründə dağıtdılar. Bəhlul — Nə üçün? Mürid kişi — Balalarım, yaltaqlıq ilə təvazö’karlığın və şərab sərxoşları ilə iqbal sərxoşlarının fərqini qoyan adamlar o dövrdə azad yaşaya bilmirdi. Dilim dinc oturmadı, ailəmi dağıtdılar, özüm də sürgünə göndərildim. Nə isə qonağı kədərləndirmək yaxşı deyil. Süfrə açılır, gəlinlər və qızlar xidmət edir. Mürid kişi — (qonaqlara) Doğrudur, mən köhnə dünyanın müəllimi idim, amma təzə həyatla da bir qədər tanışam. Süfrəyə əyləşənlər bir-birləri ilə tanış olmalıdırlar. Güllü — Mən kolxozun briqadiriyəm. Adıma Portfel Güllü deyərlər. Kolxozçular gülüşürlər. Mürid kişi — Təəccüb etməyin, balalarım! Bu adın başqa bir mə’nası vardır. Kolxozumuzda tənbəllər və özünü portfel dalında gizlədənlər çox idi. Güllü onları tənqid etmək üçün bir rəqs düzəldib, adını Portfel rəqsi qoymuşdu. Nəsir — (irəli gəlib özünü qonaqlara təqdim edir) Mənə də burada Vıstavka Nəsir deyərlər. Güllü xanım da mənim gələcək həyat yoldaşımdır. Mürid kişi — İctimai təşkilatların buraxdığı bütün nişanlar Nəsirin döşündədir. Buna görə də kolxozumuzda adına Vıstavka Nəsir deyirlər. Nəsir döşünü açıb göstərir. Bəhlul — Nə qədər maraqlı kişidir! Mürid kişi — Balalarım, indi deyin görüm, siz kimsiniz və nə iş sahibisiniz? Qəhrəman — Mən də, Bəhlul yoldaş da mühəndisdir. Cəbhədə idik, Sumqayıt şəhərini salmaq və lülə tökən zavodu tikmək üçün bizi bu yerə göndəriblər. Mürid kişi — Deməyinizə görə arzularım yaxınlaşır. Güllü — Mən də, Nəsir də və bizdən başqa çoxları da orada işləmək üçün gedə bilərik. Qəhrəman — Çox məmnuniyyətlə! Hətta Mürid babanı da öz yanıma aparmağa söz verirəm. Mürid kişi — Mən burada doğulmuşam, burada oturanların ata-babalarının müəllimi olmuşam. Sumqayıtda məndən yaşlı adam yoxdur. Bəhlul — Mürid baba, məgər bu yerin adına Sumqayıt deyirlər? Mürid kişi — Eh balalarım, bu gördüyünüz qumlu və daşlı düzlərdən tarixin qanlı dastanlarını oxuya-oxuya yaşamışam. Bu çöllər əfsanələr, dastanlar vətənidir. Qəhrəman — Danış, nurani qoca, danış! Danış sizdən bir şey öyrənək. Mürid kişi — Bir zaman var imiş bizim babalarımız oda sitayiş edərmiş. Haman o gördüyünüz təpədə bir od mə’bədi var idi. O zamanlar hələ iranlılar dilimizə və ərəb isə dinimizə təcavüz etməmişdi. Çünki burada möhkəm qala var idi. Burada Simürg adlı bir qəhrəman yaşayırmış. Bəhlul — Rica edirəm, fikrini ixtisar etmə! Danış gecəmiz xoş keçsin. Mürid kişi — Babalarımız bir-birinin dilindən belə danışırlar. İran padşahı Kəsranın qoşunu Dəmirqapı Dərbəndi almaq üçün əvvəlcə bizim qalanı alıb keçməli idi. İldə bir necə kərə bu yerə böyük qoşun hücum edərmiş. Hücumların hamısında Simürg pəhlivan onları darmadağın edib qaytarardı. Qəhrəman və Bəhlul — (tələsik) Sonra?! Mürid kişi — İndi də bu yerləri qazanda İran sərkərdələrinin məğrur kəllə sümükləri və sınmış silahları yer altından çıxır. Düzlərə baxanda iranlı başından başqa bir şey görmək olmazdı. Axırda Nuşirəvan padişah bizim qalanın adını Cür’ət qalası qoymuşdu. Bəhlul — Hazırda o qaladan bir əsər qalmırmı? Mürid kişi — Onun yerində Çorat kəndi qalır. Uzun illərdən bəri xarabaların üstünə qonan bayquşların səsini eşidirik. Qəhrəman — Kədərlənmə baba! Yaxın zamanda buradan zavodların fit səsləri, tramvayların, dəmir yolların xarıltısını eşidəcəksiniz. Xaraba damların yerində böyük zavodlar, möhtəşəm binalar, kaşanələr tikiləcəkdir. Mürid kişi — Yaradın balalarım! Sizi tərbiyə edən dövlət və hökumətə eşq olsun! Bəhlul — Mürid baba, başladığın söhbəti bitirmədin. Simürg pəhlivanın aqibətindən danışmadın. Mürid kişi — Xalqın arasında ona Simü pəhlivan deyirdilər. O, Səbail padişahının qızı şahzadə Günəşə evlənmiş imiş. Yerlilərin adətinə görə təzə gəlin atəşgədənin ətrafında rəqs etməli imiş. Rəqs əsnasında külək gəlinin başındakı şalı dənizə atmışdı, Simü pəhlivan şalı tutmaq üçün dənizə atılmışdı. Gəlin həmin bu qayanın üstündə durub onu səsləmişdi. Simü qayıt! Simü qayıt! Bəhlul — Nə qədər qəmgin bir dastan. Mürid baba, sonra necə oldu? Mürid kişi — Gəlin pəhlivanın qərq olduğunu görüb özünü dənizə atmışdı. Güllü — Keçmişdə belə bir adət var imiş. Təzə gəlinlər bu qayanın üstündə durub «Simü qayıt! Simü qayıt!» səslərmişlər. Mürid kişi — Vətənimizin bədbəxtliyi həmən ildən başladı. İran padişahının ordusu bu yerlərin daşını daş üstdə qoymadı. Qızlarımızı, gəlinlərimizi qoyun sürüsü kimi sürüb İran saraylarına apardılar. Zənnimcə bəsdir! Sizi kədərləndirdim. Qəhrəman — Mən çox maraqla dinlədim. Fikir etməyin qoca baba! Bu yerlərin xoşbəxt günləri çoxdan başlanıbdır. İndi İran quldurlarının burnunu əzmək üçün milyonlarca Simurq pəhlivanlarımız vardır. Mürid kişi — Ay uşaqlar, patefonları gətirin, çalıb-oynayın, qoy-qonaqlar deməsinlər ki, kolxozçular işləməkdən və yeməkdən başqa bir şey bilmirlər. Patefonları və qarmonları gətirirlər, qızlar və gənclər rəqs edirlər. Bəhlul — Güllü xanım, rica edirəm, portfel rəqsini oynayın. Güllü — Amma bir şərt ilə. Gərək bizi Sumqayıtda işə qoyasınız. Qəhrəman — Söz veririk. Nəsir portfeli götürüb üzünə tutur, Güllü rəqs edərkən portfeli Nəsirdən almağa çalışır, nəhayət, portfeli ondan qapır. Güllü — Üzünü göstər görüm kimsən, axı nə vaxta kimi tənbəl-tənbəl özünü portfel dalında gizlədəcəksən?! Qəhrəman — Maraqlı və mə’nalı rəqsdir. Gəlinlər, qızlar birlikdə rəqs edirlər. Pərdə * * * İkinci pərdə Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır. Dilbər — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. (Fikrə gedir) Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. (Portfelindən telegram çıxarıb baxır). Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» (Başını tutub otağı dolaşır). Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. (Pəncərənin qarşısına gedir və öz-özünə danışır): Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar. Mirzə Əhməd — (əlində portfel daxil olur, portfeli stolun üstünə qoyaraq danışır). Vaxtilə biz də gənc olmuşuq. Böyüklər desəydi ki, qatıq qaradır, nə həddimiz var idi ki, deyək yox, ağdır. Buna görə də iş irəli gedirdi, hörmət, ehtiram da var idi. Amma indi işlər təmamilə tərsinədir. Ağzından süd qoxusu gələn uşaqlar tribunaya çıxıb məruzə oxuyur. Atası-babası yaşında olan adamlara yol göstərir, onları tənqid edir. Dilbər — (başını pəncərəyə söykəyib sakit durur. Mirzə Əhməd ona sual verir) Nə üçün qaş-qabağından qar yağır? Dilbər — (başını qaldırıb deyir) Bu gün həddindən artıq yorğunam. Mirzə Əhməd — Sən fikir yorğunusan. Bilirəm, Qəhrəmandan nigaransan. Dilbər — Əlbəttə ki, ondan nigaranam, onun bizdən başqa kimi vardır ki, qeydinə qalsın. Mirzə Əhməd — O gəlməsəydi daha yaxşı olardı. Artıq ondan zəhləm gedir. Dilbər — Ata! O bizə heç bir yamanlıq etməmişdir. Daima səni ata deyib səsləmiş, hörmətini saxlamış. Mirzə Əhməd — Əməklərim ona haram olsun. Onu qır tiyanlarının altından götürüb böyütdüm. Mən bilirdim ki, o özgəsinin oğludur. Lakin anan məni məcbur etdi. Onu saxlayıb böyütdüm. Dilbər — Ata, sən ona yaxşılıq etmisən, onu hamı bilir, lakin bunu tez-tez onun üzünə çırpmağın mənası yoxdur. Söylə, ata, o sənə nə yamanlıq etdi? Mirzə Əhməd — O çox dikbaşdır. Həm də həddindən artıq vəfasız çıxdı. Altı ilin ərzi-müddətində mənə quru bir məktub belə göndərmədi. İndi gəlir, amma mənə lazım deyildir. Dilbər — Cəbhədə olan adamdan küsmək yaramaz. Cəbhə şəraiti təmamilə başqadır. Mirzə Əhməd — Sən əbəs yerə onu müdafiə edirsən. O cəbhəyə getməmişdən də qabaq sənin onu sevdiyini bilirdim. O isə mənim görmək istəmədiyim bir aktrisanı sevirdi. Dilbər, nəhayət səndə bir avropalı qüruru olsaydı, onun adını belə çəkməzdin. Qulağını aç, eşit, mən səni ona verməyəcəyəm. Dilbər — Hər nə deyirsən ixtiyarın vardır. Lakin cəsarətlə deyirəm ki, Qəhrəman tam mənasilə təzə adamdır. Mədənidir, vüqarlıdır, mən onun xatirini hər kəsdən artıq istəyirəm. Mirzə Əhməd — (acıqlanır, əlini stola vurub qışqırır) Kəs səsini, utanmaz qız! Mən səni Avropa, Amerika mədəniyyəti şəraitində tərbiyə etmişəm. Heç olmasa bir avropalı şərəfinə, bir xırdaca da olsa amerikalı qüruruna malik olmalısan, ya yox? Dilbər — (gəlib atasının başını sığallayır) Əsəbiləşmə ata. De görüm amerikalı qüruru nədən ibarətdir? O qürur amerikalı olmayanlara qarşı iyrənc bir qabalıqdan ibarət deyilmi? Onlar yerli zənciləri nələr etmədilər? De görüm hazırda dünyanı qan çanağına döndərmək istəyənlərdə nə kimi şərəf ola bilər? Mirzə Əhməd — Bəsdir, mənə siyasi dərs vermə! (kənara) Zəmanəyə baxın bir, qızım da mənə siyasi tərbiyə dərsi verir, görün bir mən nə günə qalmışam? Dilbər — Ata, bir fikirləş. Bütün dünya sosializm mədəniyyətinin yüksəlişindən danışdığı zaman, Avropa, Amerika mədəniyyətinə səcdə etməyin nə mə’nası var? Mirzə Əhməd — Sən bu sözləri o yaramaz Qəhrəmandan öyrəndin. O da sənin kimi qabalıq ilə qürurun fərqini qoya bilmirdi. Dilbər — Anam rəhmətlik son nəfəsinə kimi deyirdi ki, atan Amerikaya təcrübə dərslərinə getməzdən əvvəl vüqarlı və mülayim təbiətli bir adam idi. Amerikadan qabalıqdan başqa bir şey gətirmədi. Mirzə Əhməd — Bilmirəm ananla bərabər sən üçün ölmədin? Sənə qəti deyirəm, mənim evimi komsomol iclasına döndərmə! Dil pəhləvanlarısınız, əlinizdən nə gələr? Dilbər — Sənin bütün qüsurun da bursındadır ki, gənclərə bir amerikalı kimi çox ucadan baxırsan. Hər şey və hər üstünlüyü özünəməxsus bilirsən. Mirzə Əhməd — Nə edim? Qız uşağısan, yoxsa bu gün səni evdən qovardım, nə edə bilərəm, namusuma qısılmışam. Dilbər — Belə ki, sən başlamısan, mənim özüm başımı götürüb bir tərəfə getməliyəm. Mənim atam bir sovet mütəxəssisi ola-ola işi-peşəsi Amerika texnikasına, Amerika mədəniyyətinə səcdə etməkdir. Bu mənim üçün ar deyildirmi?! Qapı döyülür, Dilbər qapıya gedir. Mirzə Əhməd — (öz-özünə) Bir mənim qızım deyil, bunların hamısı özünü bir adam hesab edir. Oğul-uşaq yığınçağına düşmədim?! Dilbər, Qəhrəman və Bəhlul ilə bərabər daxil olurlar. Qəhrəman — (gəlib Mirzə Əhmədi qucaqlayıb öpür) Salam mehriban ata! Səni sağ-salamat görməkdən başqa bir arzum yox idi. Mirzə Əhməd — (təvrini dəyişir) Əleykəssalam, otur görüm nə xəbər gətirmisən? Qəhrəman — (Bəhlulu təqdim edir) tanış olun, gənc mühəndis Bəhluldur. Mirzə Əhməd — (tanış olur) Xoş gəlib, səfa gətirmisən. Əyləş oğlum. Qəhrəman — (Dilbərin əlini sıxır) kefin necədir, Dilbər? İşə başlamısınızmı? Dilbər — Xeyr, hələlik torpaq işi gedir. Bəs dünəndən bəri harada idiniz? Qəhrəman — Gecə maşınımız xarab oldu, kolxozçulara qonaq olduq. Onlar bizim üçün təntənəli bir şam yeməyi düzəltdilər. Bəhlul — Mən ömrümdə birinci kərədir ki, bu cürə zəngin və səmimi həyata rast gəlirəm. Qəhrəman — Xüsusən çox qoca bir müəllimin mə’nalı söhbətləri məni həddindən artıq maraqlandırdı. Dilbər — Yəqin ki, o Mürid kişidir. Bizim dostumuzdur. Qəhrəman — Yaşının çoxluğuna baxmayaraq təmamilə təzə adamdır. Mümkün olursa onu buraya gətirəcəyəm. Mirzə Əhməd — Amma mənim barəmdə vəfasızlıq göstərdin. Məni xəstə qoyub getmişdin. Quru bir kağız da göndərmədin. Qəhrəman — Mənim üçün səndən də sevimli adam yoxdur. Mən səni necə unuda bilərdim? Sən mənim həyatımın səbəbisən. Amma düşmənin arxasında çalışdığım üçün məktub göndərmək mümkün olmadı. Mirzə Əhməd — Bunların hamısı keçib gedib. İndi de görüm cəbhə sənin xasiyyətini dəyişdimi? Mən elə bilirəm ki, necə gedibsən elə də qayıtmısan. Qəhrəman — Böyük Vətən müharibəsi cəbhələri mənim şuurumda böyük dəyişiklik yaratdı. Sovet texnikasının üstünlüyünə olan inamım bir daha möhkəm oldu. Qaliblərin çərkəsində döyüşmək mənə böyük bir şərəf qazandırdı. Texnikamızın möcüzələr yaratdığını gözümlə gördüm. Xüsusən sovet adamlarının döyüş qabiliyyəti məni heyran qoydu. Ata, heç bilirsən xalqın içərisindən nə qədər qəhrəmanlar çıxdı! Mirzə Əhməd — Bunların hamısı yerində, de görüm sən nə gətirmisən? Qəhrəman — (meşin çantasını açıb döşündəki nişanları göstərir) Qorxma, ata, mən də əliboş qayıtmamışam. Mirzə Əhməd — Çox gözəl, çox da pakizə (Bəhlula) oğlum, sən harada təhsil görmüsən? Bəhlul — Azərbaycanda ali məktəbi bitirəndən sonra Moskvada təcrübə dərsləri keçmişəm. Mirzə Əhməd — Bizim vaxtımızda təcrübə üçün Amerika və Avropaya gedirdilər. Bəhlul — Sizin vaxtınızda bəlkə də buna ehtiyac var imiş. İndi isə sovet texnikasının sirlərini öyrənmək bir mütəxəssis üçün kifayət edər. Qəhrəman və Dilbər — (birdən) Əlbəttə ki, kifayət edər. Biz bu texnika ilə alman faşizminə qələbə çalmadıqmı? Mirzə Əhməd — (Dilbərə) Sən söhbətə qarışma, yoldan gəliblər, get xidmətçiyə xəbər ver ki, çay və yemək hazırlasın. Baş mühəndis — (daxil olur) Salam Mirzə, sizi təbrik edirəm. Gənc mühəndislərin gəldiyini eşitdim, sizə gözaydınlığı verməyə gəldim. Mirzə Əhməd — Çox razıyam, tanış olun, bu oğlan sizə dediyim Qəhrəmandır. Bu da onun yoldaşı Bəhluldur. Tanış olurlar. Baş mühəndis — Mən bir iş üçün də gəlmişəm, sabah vəzifələri bölüşdürmək istəyirik. Yaxşı olardı ki, Qəhrəman və Bəhlul, eləcədə Dilbər xanım layihələri götürüb tanış olmaq üçün kontora gələydilər. Mirzə Əhməd — Nə eybi vardır, gedib götürüb gəlsinlər. Baş mühəndis — (qalxır) Buyurun gedək. (Gedirlər. Mirzə Əhməd tək qalır). Mirzə Əhməd — Bilmədiyini də gedib öyrənib gəldi. Özündən daha da dili uzununu yanına salıb gətirdi. Bu cürə adamlar ilə nəinki böyük bir zavod tikmək olar, hətta kiçik bir anbar da tikmək mümkün deyildir. Mirzə Teymur — (daxil olur) Sizdən çıxıb gedənlər kim idi? Mirzə Əhməd — Çavan mühəndislərdir, təzə gəliblər. Mirzə Teymur — Genə də çavan mühəndislər? Ay Mirzə, sən özün bir yaxşı düşün, sən Amerikada, mən isə Fransada buna öyrənməmişik axı. Mirzə Əhməd — Doğrudur, bizim nə qədər vaxtımız vardır ki, həm zavodu, böyük bir zavodu tikək, həm də bu oğul-uşağı öyrədək? Bir ömür istəyir. Mirzə Teymur — Özü də mədəni deyillər, (ayaq üstündə durub özünü göstərir). Mənə bir diqqətlə baxın, xalis bir fransıza oxşamıramımı? Mədəni bir adamam, mən bunlar ilə necə uyuşa bilərəm? Mirzə Əhməd — Bütün bacarıqları dillərindədir. Az bir zamanda özlərini rüsvay edəcəklər. Bilmirəm bunları nə üçün buraya yığıblar. Mirzə Teymur — Belə ha, yenə də bir azdan sonra gəlib deyəcəklər ki, bunlardan fayda yoxdur. İşi öz əlinizə alın. Mirzə Əhməd — Bu böyüklükdə işi ancaq Amerika və Avropa görmüş mütəxəssislər yerinə yetirə bilərlər. Mirzə Teymur — O da ki, bizdən ibarətdir; Mirzədən, Teymurdan ibarətdir. Mirzə Əhməd — Əhvalım özümdə deyil, dəniz kənarına çıxmaq istəyirəm. (Gedərkən xidmətçi qadına) Bir azdan sonra qayıdıram. Gedirlər. Dilbər — (daxil olub Mirzə Teymurun dalınca baxır) Əxlaqsızın birisi! Bilmirəm mənim atamın yaxasını nə vaxt buraxacaqdır. (Xidmətçi qadına). Ana, hər şey hazırdırmı? Xidmətçi qadın — Hazırdır qızım. Durna — (tələsik daxil olur. Dilbəri fikirli görüb soruşur). A qız nə var? Səni özündə görmürəm? Qəhrəmanı gözləyirdin o da ki gəldi, daha nəyin fikrini çəkirsən? Dilbər — Doğrudur o gəldi, lakin bir şadlıq gətirmədi. Durna — Ay qız, yoxsa Firəngizlə bərabər gəlib? Dilbər — Yox, Durna, mən bu barədə düşünmürəm. Doğrudur mən onu sevirəm, amma heç bir zaman onun qurmaq istədiyi ailənin pozulmasına razı olmaram. Qoy xoşbəxt yaşasınlar. Məni düşündürən atamın məsələsidir. Durna — Nə məsələsi? Dilbər — Atamın fikri olduqca köhnədir. Qəhrəman isə təzə adamdır. Onun danışıqları atamın qulağı üçün təmamilə yabançıdır. Onlar yola gedə bilməyəcəklər. Durna — Eh Dilbər, mənim vəziyyətim sənin vəziyyətindən daha ağırdır. Ondan da ötəri gəlmişdim Mirzənin yanına. Dilbər — Nədən ötəri ay qız? Durna — Mirzə Teymur yenə də mənim yaxamdan əl götürmür. Bax, gör o utanmaz bu gün göndərdiyi məktubunda nə yazır. (Məktubu Dilbərə verir). Dilbər — (məktubu oxuyur) «Sevgilim Durna! Mən hazıram, sən də hazırlığını gör, ayın ikisində saat xoşdur, ZAQS-a getməliyik. İş başlanandan sonra toya vaxtımız olmaz». Durna — İndi özün söylə, mən hara çıxım qaçım? Hər yetənə də deyir ki, məsələ qurtarıbdır, ancaq rəsmiyyətə salmaq lazımdır. Dilbər — Ay qız, sən harada yaşayırsan? O özünü İrandamı hiss edir? Ona elə bir toy tutaram ki, öz adını yadından çıxardar. Əxlaqsızın birisi, Fransada nə qədər əxlaqsızlıq varsa, yığıb gətirib bizim həyatımıza calamaq istəyir. Durna — Nə edim? Onun əli mənim əlimə toxunmamış, amma onun fantaziyasından xalq elə bilir ki, mən onunla bir qadın kimi yaşayıram. Buradan çıxıb qaçmaqdan da başqa çarəm yoxdur. Dilbər — (onu öpür) Boş-boş danışma! Bu cürə söz komsomolçu bir qıza yaraşarmı? Durna — O məni həyasızlıqla özünə təslim etməyi düşünür. Qapı vurulur, bir azdan sonra Mirzə Teymur daxil olur. Mirzə Teymur — Bonjur madmuazellər! Dilbər — Rica edirəm bizi ələ salma! Bura sənin üçün Paris bulvarı deyil. Öz dilini danış! Mirzə Teymur — Pardon, pardon! Bağışlayın, dilim öyrənibdir. Parisə təcrübə dərslərinə getdiyim zaman fransız dilini elə tez mənimsədim ki, hamı məni xalis bir fransız hesab edirdi. Dilbər — Yalnız fransız dilini yox, orada bir çox şeylər öyrənib gəlmişsən. Mirzə Teymur — (öz qiyafəsini göstərir) Yaxşı baxın bir: fransız aliminə oxşamıramımı? Dilbər — (kənara) Bir sovet adamından başqa hər şeyə bənzəyirsən. Mirzə Teymur — Əcəba mən bir sovet adamı deyiləmmi?! Durna — (məktubu göstərir) Bu nədir? Bir sovet adamı da tanış olmadığı bir qıza böylə bir məktub yaza bilərmi? Sənə kim icazə verir ki, məni ZAQS-a çağırırsan? Sən heç utanmırsanmı, məndən üç kərə yaşlı bir adamsan. Dilbər — Mirzə, zənn edirəm ki, siz bu təşəbbüsdə rüsvayçılıqdan başqa bir şey əldə edə bilməyəcəksiniz. Bu əsnada Qəhrəman və Bəhlul qoltuqlarında layihələr daxil olurlar. Mirzə Teymur — (ayaqlarını çütləşdirib, boynunu qabağa uzadır). İcazə verin tanış olaq. Fransada təcrübə dərsləri keçmiş Mirzə Teymur Xudaverdizadə. (Qəhrəman və Bəhlulun əllərini sıxır). Qəhrəman — (gülümsəyərək) Moskvada təhsilini ikmal etmiş Qəhrəman! Mirzə Teymur — (Dilbərə) mən gedim, yenə də qayıdacağam, Mirzə gələndə ona deyərsiniz. (Məclisə) indi icazənizlə gedə bilərəmmi? Dilbər — (yavaşdan kənara) Gəlməyə də bilərdiniz. Mirzə Teymur — (Durnaya) lütfən məni kontora qədər müşayiət ediniz. Durna — Yollar qorxulu deyildir, özünüz də gedə bilərsiniz. Mirzə Teymur — (gedərkən) Yenə də bir qədər fikirləş, mənsə öz nailiyyətimə inanıram (gedir). Qəhrəman — (onun dalınca baxır) Bu kimdir? Nəçidir? Bu nə qiyafədir? Dilbər — Bu mühəndisdir. Adına fransız Mirzə Teymur deyirlər. Yazıq Durnaya göz verib işıq vermir. Deyir ki, ölsən də, qalsan da gərək səninlə evlənəm. Durna — Yaşından utanmır. Məni bədbəxt etmək istəyir. Bilmirəm kimə müraciət edim, utanıram da. Bəhlul — Bəlkə harada yaşadığını xatırlamır. Qəhrəman — Qiyafəsindən də görünür ki, bir qədər ağlı da çatmır. Durna — Mən burada işləyə bilməyəcəyəm. O məni həyasızlıqla özünə təslim etdirməyə çalışır. Qəhrəman — O sizin gözünüzü də püfləyə bilməz. O yaşlı olsa da tərbiyə edilməsi mümkündür. Bəhlul — (layihələri qoyur, Qəhrəmana deyir) Mən mənzil şö’bəsi müdirinin yanına gedib qayıdım. Direktor mənim üçün otaq verməyə söz verib. Durna — (Bəhlula) O çox utanmaz adamdır, yəqin ki, dışarıda durub məni gözləyir. Buradan çıxan kimi qolumdan tutub məni buraxmayacaqdır. Rica edirəm məni kontora qədər müşayiət edin. Bəhlul — E’tiraz etmirəm. Gedirlər. Dilbər — (Qəhrəmana) Qəhrəman, nə barədə düşünürsən? Bəs Firəngizi nə üçün özünlə bərabər gətirmədin? Qəhrəman — Ondan altı ildir xəbərim yoxdur. Məni düşündürən başqa məsələdir. Görünür ki, atan yenə də köhnə fikirlərini yaşadır. Bu da bizim üçün təəssüf ediləcək bir haldır. Dilbər — Hər nə olur-olsun onu köhnə yolundan qaytarmalıyıq. Sənin də köməyin lazımdır. Onun köhnə fikirləri davam etdirməsi bizim üçün ləkədir. Nəhayət biz partiya üzvüyik ya yox? Qəhrəman — Siz mərkəzi qəzetləri alırsınızmı? Dilbər — Alırıq. Qəhrəman — Sən qəzetləri onun üçün oxu. Avropa-Amerika mədəniyyətinin iç üzü haqqında ona danış. Avropa və Amerikanın demokratlıq pərdəsinə bürünmüş vəhşiliyindən misallar gətir. Dilbər — Nə qəzet, nə kitab qalıb ki, mən onu oxumamış olam? Amerikanın yerli zənciləri kütləvi surətdə məhv etdiyini, ingilislərin Hindistan siyasətini, fransızların Mərakeş və Əlcəzairdəki həyasızlıqlarını tarixi sübutlarla ona oxuyuram. Yenə də həmandır ki, həman. Qəhrəman — Bilmirəm onlar dünyanı yeni-yeni fəlakətlərə sürükləyən Amerika və Avropa qarətçilərindən nə gözləyirlər? Dilbər — Onun böyük nöqsanlarından birisi də budur ki, hazırkı gəncliyi keçmişki gəncliklə ölçür. Bizim qüvvətimizə inanmır. Mirzə Əhməd — (qəfildən daxil olur) İnanmayacağam da, niyə də inanım? Buna haqlıyam. Qüvvəti sözdə deyil, işdə göstərmək lazımdır. İşiniz-peşəniz iclas etməkdir. İxtisasdan artıq sözə əhəmiyyət verirsiniz. Qəhrəman — Doğrudur ata, bizdə sözçülük çoxdur. Lakin həyat və məişət kökündən dəyişibdir. Mehriban ata, təzə dünyada köhnə fikirlər ilə yaşamaq çətindir. Bunu sizə nəsihət üçün demirəm. Mirzə Əhməd — Hər şey dəyişə bilər. Ancaq insan özünü dəyişdirə bilməz. Görün məni bu yaşımda komsomola yazdıra bilərsinizmi? Qəribə adamlarsınız ha. Dilbər — (onu öpür və saçlarını tumarlayır) Ata, bunu səndən tələb edən yoxdur. Amma sən gəncliklə barışmalı və onlarla uyuşmalısan. Sən öz biliyini xalqın səadəti yolunda sərf etməlisən. O zaman hər kəs sənə hörmət bəslər, bizim də başımız uca olar. Sənin böyük bir mütəxəssis olduğunu inkar edən yoxdur. Mirzə Teymur — (tələsik daxil olur) Bu olmadı? Bu cürə işi Avropa mədəniyyətini daşıyan bir adam çəkə bilməz. Bu hadisə mənə qarşı bir sui-qəsddir. Belə işlərin nəticəsində mənim əlimdən xata da çıxa bilər. Mən bir avropalı qüruru ilə intihar da edə bilərəm. İndi bu cür adamlara qoşulub işlə görüm necə işləyəcəksən. Mirzə Əhməd — (təəccüblə) Nə olub axı? Sənə kim sui-qəsd edir? Mirzə Teymur — Hələ indicə gəlib, bütün gəldiyi yarım saat deyil. Mirzə Əhməd — Kimin haqqında danışırsan? Açıq danışa bilməzmisən? Mirzə Teymur — Mən heç də ümid etməzdim ki, Amerika mədəniyyəti daşıyan bir adamın evində mənə, bir fransız tərbiyəsi daşıyan Mirzə Teymura qarşı sui-qəsd düzəltsinlər. Mirzə Əhməd — (acıqlanır və ayağa qalxıb, Mirzə Teymurun çiyinlərindən tutur.) Nə axmaq-axmaq danışırsan? Mənim evimi nə hesab edirsən? Bura quldur yuvasıdır, nədir? Nə sui-qəsd, nə intihar? Mirzə Teymur — Mən buna dözə bilmərəm, yarım saat bundan qabaq gələn gədənin birisi qolunu Durnanın qoluna keçirib getsin, xalq da görüb mənim üstümə gülsün. Mirzə Əhməd — Onların ikisi də gəncdir, burada nə kimi bir sui-qəsd ola bilər? Mirzə Teymur — Bir halda ki, mən Durna ilə evlənmək istəyirəm, gərək sənin qızın Dilbər mənim həyat yoldaşımı Bəhlul ilə tanış etməyəydi. (Özündən çıxır). O, Bəhluldur, nədir? Ona deyin bundan sonra ehtiyatlı dolansın. (Özünü göstərir). Mənə yaxşı baxın, bir fransızla zarafat etmək olmaz! Mirzə Əhməd — Mən qulaqlarıma inanmıram, necə yəni Durna ilə evlənirsən? Otur yerində, xalqı özünə güldürmə! Sən lap xəyalpərəstmişsən ki. Mirzə Teymur — Demək ki, bu işdə sənin də iştirakın vardır. Olsun, mən də öz işimi bilərəm. Mirzə Əhməd — Ağlını başına yığ, getdiyin yol mədəni adam yolu deyildir. Dilbər — Ata, sənə and içirəm, mən bu barədə nə Bəhlul, nə də Durna ilə bir kəlmə də olsa danışmamışam. Qız sənə şikayət etmək üçün gəlmişdi, çünki, qıza məktub göndərib zor ilə ZAQS-a aparmaq istəyirdi. Qızın buna rizası yoxdur. Bu nə məqsəddir? Mirzə Teymur — Əlbəttə, Bəhlul kimi adamlarla qol-qola salandan sonra Mirzə Teymura getməyə razı olmayacaqdır. Bəhlul — (daxil olub eşidir) Nə olub? Nə söhbətdir? Mirzə Teymur — (irəli atılır) Özünü tülküyə vurma, sənin qolun o qızın qolunda nə qayırırdı? Məndə avropalı qüruru vardı ha, mənə yaxşı diqqət ver! (Öz qiyafəsini göstərir). Bəhlul — Bir qədər ədəbli danış. Madamki mədəni bir qız qolunu mənim qoluma keçirir, heç bir zaman mən o qolu rədd edə bilməzdim. Libasını bizə göstərmə, iş libasda deyil, qiymət həman libası geyən adamın varlığındadır. Qəhrəman — Mirzə, məni bağışlayın, siz bir sovet vətəndaşı qürurunu daşımış olsaydınız, bu qədər gülünc bir vəziyyətə düşməzdiniz. Mirzə Teymur — (Mirzə Əhmədə) Mən əvvəl gündən sənə nə dedim? Demədim ki, mənim, sənin kimi mədəni bir adam bu oğul-uşağın içərisində işləyə bilməz? Mirzə Əhməd — Bunlar çox xırda məsələlərdir. Bizi bu məsələlər üçün buraya çağırmamışlar. Ağıllı ol, şəxsi işi vəzifə ilə əlaqələndirmə. Bəhlul — (öz-özünə) Xataya düşmədik?! Mirzə Teymur — (gedərkən) Hələ xataya düşəcəksən, harasıdır! (Gedir). Dilbər — (onun dalınca) Pozğun! Pərdə * * * Üçüncü pərdə Səhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur. Mirzə Teymur — (Mirzə Əhməd ilə bərabər gəlir) Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır. Mirzə Əhməd — Bunların heç birisi məs’uliyyət hiss etmir. İçlərində sınaqdan çıxmış və təcrübə görmüş adamlar yoxdur. Mirzə Teymur — Belə bir zavodu tikmək üçün illərcə götür-qoy etmək lazımdır. Sözü demək olmur, gətirib Mirzə Teymur kimi bir alim və mütəxəssisi Bəhlul kimi nadürüst adamlar ilə qarşı-qarşıya qoyublar. Mirzə Əhməd — Hökumətin puluna heyfim gəlir, işi yaxşı mütəxəssislərin əlinə tapşırmasalar peşimançılıq çəkəcəklər. Səbir elə görək nə olacaq? Görünür ki, bir qədər tez gəlmişik, çıxıb dışarıda bir qədər təmiz hava alaq. Gedirlər. Durna — (Dilbərlə bərabər daxil olur, divardakı xəritələrə və planlara baxır). Layihələr o qədər aydın və sənətkarçasına düzəldilmişdir ki, baxdığımız zaman zavodun gələcəyi gözümüzün qarşısında durur. Mirzə Teymur orada-burada deyir ki, gənc mühəndislər bir şey bacarmayacaqlar. Amma mən ruhdan düşmürəm. Dilbər — Durna, sən ona əmin ol. Bir gün onun özü deyəcəkdir ki, mən anlamamışam, sovet gəncliyi hər bir şeyi bacarar. Buna baxmayaraq mənim şəxsi vəziyyətim çox ağırdır. Durna — Nə üçün? Yenə nə oldu? Dilbər — Nə olacaq, atam Qəhrəmanı görmək istəmir. Onu açıqdan qovmasa da qaba rəftarı nəticəsində evdən qaçırdı. O artıq bizdə yaşamır. Məni də yola vermir. Durna — Atadır, bir təhər yola verməlisən. Dilbər — Necə yola verim? Onun inadı bizi partiyanın və hökumətin yanında abırdan salar. Qəhrəman e’tibarlı, vüqarlı bir oğlandır. Bütün təqsirlər atamdadır. O istəyir ki, xalq onun köhnə fikirlərinə bəli-bəli desin. Durna — Səni hiss edirəm, Dilbər. Qəhrəman kimi bir oğlanı itirmək asan deyildir. Dilbər — O məndən ötrü çoxdan bəri itmişdir. Sən bilirsən ki, o birisinə bağlıdır. Doğrudur, onu sevirəm, lakin onun həyatını pozmaq tərəfdarı deyiləm. Qoy yaşasınlar, atam da bizim izdivacımızın əleyhinədir. Durna — Mənim də ona yazığım gəlir. Kim bilir onun Firəngizi haradadır? Dilbər — Harada olursa-olsun yenə də onun qəlbindədir. Durna — Sən razı olsan mən onu Moskvadan mərkəzi adres stolu vasitəsilə taparam. Dilbər — Əlbəttə razı olaram, Qəhrəman da yazıqdır. Nə vaxta qədər onu gözləyəcəkdir? Durna — Bu işi mənə tapşır, onu bura gətirməsəm Durna deyiləm. Qəhrəman — (daxil olur) Belə ha, görünür ki, bu zavodun tikintisi sizi hər şeydən çox maraqlandırır. Durna — Əlbəttə ki, maraqlandırır! Bu zavodun tikilişi Azərbaycan gənc mütəxəssisləri üçün imtahan ləvhəsidir. Burada ad-san qazanmaq üçün çox əlverişli şərait vardır. Lakin bizə Mirzə Teymur kimi adamlar əngəl törətmək istəyir. Qəhrəman — Hərgah sənin qəlbində öz xalqına, öz hökumətinə bir az da olsa məhəbbətin varsa, sənin qarşına heç bir kəs çıxa bilməz. Burada olanların hamısı sovet adamlarıdır. Onlara arxalana bilərsən. Dilbər, belə deyilmi? Dilbər — Belədir, amma hər kəsin qarşısında bir çətinlik vardır. Qəhrəman — Sənin qarşında nə kimi bir çətinlik ola bilər? Dilbər — Özün bunu yaxşı bilirsən. Atam ilə sənin aranda olan ixtilaf mənim qanadlarımı qırmırmı? Bu mənim üçün çəkilməz bir dərd deyilmi? Qəhrəman — Doğrudur, onun rəftarı hər kəslə qabadır. Lakin o bizə düşmən deyildir. O bir sovet adamıdır. Bizim vəzifəmiz onu Mirzə Teymurdan ayırmaqdır. Durna — Mirzə Teymur isə düzələsi adam deyildir. Qəhrəman — Yanılma, Durna! O cür adamların başqa bir yolu yoxdur. Ya düzəlməli və ya bu cəmiyyətin sırasından çıxmalıdır. Onun özü də təcrübəli bir mütəxəssisdir. Mütəxəssislər yavaş-yavaş gəlib divardakı xəritələr və planlarla məşğul olurlar. Mirzə Teymur — (köhnə mod fransız libasında daxil olub Durnaya və Dilbərə müraciət edir) Bonjur, madmuazellər! Pardon, yenə unutdum. Salam kiçik xanımlar! Çavab verən olmayır. Qəhrəman — Salam Mirzə kefiniz necədir? Mirzə Teymur — Pardon, sizi görmədim. (gəlib əlini sıxır). Mirzə Əhməd — (daxil olur) Axşamlarınız xeyir! (Qəhrəman onu öz yerində əyləşdirmək üçün qalxır). Otur! Hər kəs öz yerində otursa, hər kəs öz mövqeyini tanısa, iş də irəli gedər, ixtilaf da çıxmaz. Baş mühəndis — (daxil olur) Salam! Zənn edirəm ki, rəhbər yoldaşlar gələnə qədər işimizin əhəmiyyəti barəsində danışaq. Mirzə Teymur — (başını irəli uzadır) Pardon, hansı işin? Baş mühəndis — Başlayacağımız işin. Əziz və möhtərəm mühəndislər biz dördüncü beşillikdə burada bütün Sovet İttifaqında birinci yer tutan lülətökən zavodu və onun ətrafında aləmi nüfuzlu bir şəhər tikməyə başlayırıq. Bu iş üçün əlimizdə olan qüvvə də böyükdür. Mirzə Əhməd — (gözünü divardakı xəritədən çəkib deyir) İşin böyüklüyünə heç bir şübhə ola bilməz. Amma qüvvənin böyüklüyü barədə danışmaq hələ tezdir. Qüvvə saydan ibarət deyil, bacarıqdan ibarətdir. Mirzə Teymur — A barakalla! Mən neçə günlərdən bəri burada olanlara bir avropalı mütəxəssis nöqteyi-nəzərindən baxanda gözümə bir başı pozuq ordu görünür. Belə bir işi heç bir möcüzə təşkil edə bilməz. Mirzə Əhməd — Qısa demiş olsaq, bunlar hələ çox gəncdir. Bunlar böyük işin öhdəsindən gələ bilməzlər. Məsləhət görürəm ki, indidən gələcəyin eydinə qalın. Baş mühəndis — Mən elə bilirəm ki, siz bizim qüvvəmizə bir amerikalı və avropalı nəzərilə deyil, bir sadə mütəxəssisin gözü ilə baxmış olsanız onun dəyərinə inanarsınız. Mirzə Əhməd — Əzizim, Amerika və Avropada belə bir gigantı yaratmaq üçün saçını işdə ağartmış mühəndislər illər uzunu düşünür. Mirzə Teymur — Götür-qoy edir. Mirzə Əhməd — Başını sındırır. Mirzə Teymur — Sonra da yavaş-yavaş işə başlayırlar. Qəhrəman — Yoldaş mühəndis! Bizim nə illər uzunu götür-qoy etməyə vaxtımız var, nə də başımızı sındırmağa hazırlanırıq. Sovet gəncliyi və sovet mütəxəssisinin qarşısında iki məsələ durur. Mirzə Əhməd — (yarım acıqlı) nə məsələ?! Qəhrəman — Əvvəla biz faşist quldurların ölkəmizə vurduğu yaraları sağaltmalı, ikincisi də təzə zavodlar və müəssisələr yaratmaq məcburiyyətindəyik. Buna görə də biz illər uzunu götür-qoy etməyə hazırlaşmırıq. Bəhlul — Belə ha, qoy Amerika və Avropa və onlara səcdə edənlər öz başını sındırsınlar. O arzunu ki, Amerikanın özü daşıyır, keç-tez öz başını sındıracaq. Direktor — (gəlir) Salam yoldaşlar! Kollektivimizə baxanda böyük bir zavod və təzə bir sovet şəhəri gözümün qarşısında canlanır. Mən ümid edirəm ki, bu qüvvə öhdəsinə verilən bu şərəfli vəzifəni vaxtından daha əvvəl yerinə yetirə biləcək. Baş mühəndis — Yoldaş direktor! Burada olanların hamısı layihələrilə tanışdır. Hazırda vəzifələri paylaşdırmaq lazımdır. Mirzə Teymur — Pardon, mənim bir təklifim vardır. Direktor — Buyurun Mirzə! Mirzə Teymur — Layihələrlə tanış olmaq kifayət deyildir. Layihələri həyata keçirəcək adamların keyfiyyəti ilə tanış olmaq lazımdır. Direktor — Nə təklif edirsiniz? Mirzə Teymur — Bu vəzifəni tapşırın mənə. Bir həftəyə qədər burada olanları çürük-çarıq edim. İşə yaramayanları ayırıb geri göndərək. Direktor — Yox Mirzə, adamların keyfiyyətini yalnız işdə öyrənmək olar. Gənc sovet mütəxəssislərinin bacarığı barədə heç bir şübhə ola bilməz. Bunların hamısı sınaqdan çıxmış adamlardır. Mirzə Əhməd — Dövlətin hər qara qəpiyini göz bəbəyimiz kimi qorumalıyıq. Qoyun beş gündən sonra gəlib deməsinlər ki, «işin filan tərəfi xarabdır, gərək sökülüb təzədən qayrılsın». Mirzə Teymur — O zaman mənə deməzlər ki, ay Mirzə Teymur, bunlar təcrübəsiz ililər, bacarmadılar, sən ki, Avropa görmüş bir mütəxəssis idin, nə üçün buna yol verdin? Mirzə Əhməd — (məclisə) Əzizlərim, biz Amerikada belə görməmişik axı. Mirzə Teymur — Mən Avropada belə görməmişəm axı. Baş mühəndis — Elədir, siz Amerika və Avropada belə görməmisiniz. Ona görə də demək lazımdır ki, sovet adamlarını və onların bacarığını Amerika və Avropa ilə müqayisə etmək yanlışdır. Direktor — Qoyun gənc mütəxəssislər də öz fikirlərini desinlər. Qəhrəman — (direktora) İcazə verin! Direktor — Danışın. Qəhrəman — Bu söhbətlərin hamısı yenə də Amerika və Avropada adət olan götür-qoya oxşadı. Sovet mütəxəssislərinə vasvasılıq və istixarəçilik yaramaz. Burada bir bolşevik inadından və bolşevik qətiyyətindən danışmaq lazımdır. Direktor — Doğrudur! Qəhrəman — Biz burada kollektiv iş şəraiti yarada bilsək, qələbəni təmin edə bilərik. Mirzə Teymur — Mənim də dediyim həman kollektiv iş şəraitidir. Onu kimlərlə yaratmaq? Mirzə Əhməd — Diplomunun mürəkkəbi qurumayan dünənki tələbələrlə. Mirzə Teymur — Qələbəni qazandıran şərtlərdən biri də əxlaqdır, mədəniyyətdir. Burada mədəniyyətsiz və əxlaqı pozğun adamlar da vardır. Bir halda ki, xalqın şəxsi işlərinə müdaxilə edənlər vardır, o zaman nə kimi kollektiv şərait ola bilər? Bəhlul — Köhnə və şəxsi fikirləri təzə təşəbbüslərə qarışdırmaqla qələbə qazanılmaz. Azərbaycan gəncliyi bu quruluşda yalqız deyildir. Uraldan, Çelyabinskidən, Leninqrad, Moskva və Ukraynadan da yoldaşlar bizim köməyimizə gəlmişdir. Durna — Qoy Mirzə Teymur əxlaqsız və mədəniyyətsiz dediyi adamların adlarını çəksin. O zaman əxlaq və şüur yoxsulları meydana çıxmış olar. Mirzə Əhməd — Mən Mirzə Teymurun bir çox fikirlərilə razı deyiləm. Burada əxlaqsızlıq adına heç bir şey yoxdur. Burada kustarçılıq vardır. Mən ona tərəfdar deyiləm. Mirzə Teymur — Biz gərək elə bir iş yaradaq ki, hər kəs gəlib baxanda desin ki, buraya Amerika və Avropa mütəxəssisinin əli dəymişdir. Durna — Biz gənc sovet mütəxəssisləri bunun əksini düşünürük. Biz burada elə bir möcüzə yaratmalıyıq ki, hər kəs baxanda desin ki, sovet mütəxəssisləri çoxdan bəri Avropa və Amerika mütəxəssislərini geridə buraxmışlar. Baş mühəndis — Soverşenno pravilno. Bəhlul — Amerika və Avropa mədəniyyətinin üstünlüyünü kor-koranə təbliğ edənlər bilməlidirlər ki, Amerika və Avropa kapitalistləri millətlərin azadlığını məhv etdikləri kimi onların elmi nailiyyətlərini oğurlayıb və mənimsəmişlər. Direktor — Təmamilə doğrudur! Bəhlul — Rus alimlərinin elektrik şuasına dair ixtirasını, buxar makinəsi, radio aparatı ixtirasını və sairələri özlərinə çıxan amerikalılar və avropalılar deyildirmi? Qəhrəman — (direktora) Zənn edirəm ki, bu mövzular üzərində danışmaq artıqdır. Amerika, Avropa mədəniyyəti artıq öz-özünü ifşa etmiş. Əsas məsələmizə keçsək yaxşı olar. Raykom katibi — (gəlir) Salam yoldaşlar! Məsələ nə yerdədir? Mən Mirzə Teymur və Mirzə Əhməd mühəndislərin fikirləri ilə razılaşmıram. Eşitdiyimə görə onlar yenə də Amerika və Avropa mədəniyyətinin üstünlüyü məsələsini aralığa atıblar. Mirzə Teymur — Pardon! Sizə doğru mə’lumat verməyiblər. Mən deyirəm ki, Amerika və Avropada bu cür böyük tikintilərə gənc və təcrübəsiz mütəxəssisləri buraxmazlar. Katib — Möhtərəm mühəndis, hazırda amerikalılar öz üstünlüklərini xalqlara inandırmaq üçün milyonlarca dollar sərf edirlər. Bizim yoldaşlarımız isə kor-koranə onların məqsədlərinə kömək edirlər. Mirzə Əhməd — Aralığa atdığımız fikirlər işin xatirəsinədir. Çünki bizim qarşımızda duranlar bu böyük işin öhdəsindən gələ bilməyəcəklər. Katib — Bu da zərərli fikirdir. Doğrudur, bir zaman bir layihəni düzəltdirmək üçün Amerika və Avropaya çamadan dolusu dollar göndərirdik. İndi isə sovet alimləri və sovet mütəxəssisləri hər şeyi yarada bilir. Hətta Amerika və Avropadan daha keyfiyyətli yaradırlar. Direktor — Mirzə Teymur və Mirzə Əhməd təcrübəli mütəxəssislər olduğu üçün bura çağırılıblar. Qoy öz təcrübələri ilə gənc mütəxəssislərə kömək etsinlər. Mirzə Əhməd — Dedikləriniz bir həqiqətdir. Lakin vəzifə ağır vəzifədir. Mən şəxsən hökumətin yanında başı aşağı olmaq və utanmaq istəmirəm. Mirzə Teymur — Məsuliyyət daşımamaq şərtilə bir mühəndis kimi işləməyə sözüm yoxdur. Çünki bu ağır işi təşkil etmək mənim üçün mümkün deyildir. Baş mühəndis — Burada bir qorxu yoxdur, işin təşkilini öz rəhbərliyim altında gənc mühəndislərə tapşırıram. Onların içərisində bacarıqlı adamlar az deyildir. Direktor — Kimləri özünə köməkçi götürürsən? Baş mühəndis — Qəhrəman başda olmaq üzrə Bəhlul, Durna və Dilbəri təklif edirəm. Direktor — (Qəhrəmana və sairlərinə) sözünüz nədir? Bu vəzifə sizin üçün ağır deyildir ki? Qəhrəman — Biz partiya və hökumətin bir soldatıyıq. Vəzifə ağır olsa da, çətin olsa da ifa etməyə hazıram. Rus yoldaşlardan Pavliçev, Tafilov və Fedoroviç yoldaşları da təklif edirəm. Direktor — Namizədlər olduqca dəyərli namizədlərdir. Baş mühəndis — İclas bununla bitir. Qəhrəman yoldaş vəzifə tapşırılmış yoldaşların cədvəlini sabah tezdən direktorluğa təqdim etməlidir. Hamı qalxıb, mühəndislərin əlini sıxıb gedirlər. Durna — (sevinə-sevinə Qəhrəmanın əlini sıxır) Sənə müvəffəqiyyətlər diləyirəm. Nə qədər qüvvətim və biliyim varsa sənə kömək etməyə hazıram. Bəhlul — (Dilbərə) Get Qəhrəmanın əlini sıx. Dilbər — (gülümsəyir) Bu əlin ondan ötrü nə əhəmiyyəti var? Bəhlul — Dilbər, bilirəm nəyə işarə edirsən, Qəhrəmanın iş barəsində sükut etməsi ümumi işə zərərdir. Sən Qəhrəmanla atan arasında baş verən ixtilafa əhəmiyyət vermə! Qəhrəman — Dilbər, yaxşı fikirləş, atanın və ya başqalarının yanlış fikirlərinə qarşı sükut etmək biz kommunist və komsomolçulara yaraşarmı? Özün düşün, sonra partiya və hökumət bizə nə deyər? Dilbər — Mən bunları anlamırammı? Nə edim, atadır. Sənin nəsihətlərin onun acığına gəlir, əsəbiləşir, sən bir qədər dilini saxla. Qəhrəman — Dilbər, sənə yalvarıram, şəxsi işləri bir yerli burax, qoy özümüzə göstərilən e’timadı doğruldaq. Bu quruluşdan üzü qara qayıtmaq bizim üçün mənəvi ölümdür. Sözün nədir? Dilbər — Nə qədər bacarığım vardırsa səninlə işləyəcəyəm, ancaq sən inadkarsan, atamı mənim acığıma tənqid edirsən, çünki məni görmək istəmirsən. Qəhrəman — Dilbər, xəyalın nədir? Mən buradan çıxıb gedimmi?! (Qəhrəman gedərkən) Dilbər — (onun dalınca) Yox, getmə! (Ağlayıb başını Durnanın çiyninə qoyur). Pərdə * * * Dördüncü pərdə Konturun qarşısında bir meydançadır. Mühəndislər, yer ölçənlər, işçi və fəhlələr sür’ətlə o tərəf-bu tərəfə gedirlər. Mirzə Teymur və Mirzə Əhməd bu hərəkətə tamaşa edirlər. Mirzə Teymur — Dünya bir-birinə qarışıbdır. Heç bir kəs nə iş görəcəyini bilmir. Bir nəfər də olsa əmrə tabe deyil, biyabırçılıqdır. Təşkilat barəsində düşünən yox, partlayacaqlar, bircə həftə vaxt qoyuram. Mirzə Əhməd — Bacarıq yoxdur, yox! Burada böyük bir işçi ordusu var. Amma idarəçisi yoxdur. Ay canım, Amerikada belə deyil axı, orada milyonlarca fəhlə bir saat mexanizmi kimi işləyir. Yox, təşkil edə bilməyəcəklər. Mirzə Teymur — Təşkilatı kim yaratsın? Bəhlul ilə Durna kimi əxlaqı pozğunlarmı? Təzə xəbəri eşitməmisənmi? Mirzə Əhməd — Nə xəbər?! Mirzə Teymur — Dünən Bəhlul ilə Durnanı dəniz kənarında görüblər. Rüsvayçılıqdır. Bu gün iş üstündə hər kəs bu əxlaqsızların barəsində danışırdı. Mirzə Əhməd — Bu məsələlər xırda məsələlərdir. İşin barəsində danışsan heç bir kəs səni tənqid etməz. Mirzə Teymur — Sən əbəs yerə o cür adamlara evə girməyə icazə verirsən, axırda sənin qızını da pis yola çəkə bilərlər. Mirzə Əhməd — Eh, nə qoyub nə axtarırsan. Qız heç mənim sözümə baxırmı? O da Qəhrəmana qoşulub məni tənqid edir. Dünən gecə az qala evdən qovmuşdum. Hər nə qədər çalışıramsa qızı Qəhrəmandan ayıra bilmirəm. Mirzə Teymur — O barədə mən işə başlamışam. Moskvada mərkəzi adres stolu vasitəsilə Qəhrəmanın Firəngizinin yerini öyrənmişəm. Onu buraya gətirəcəyəm. Gələn kimi də Qəhrəman ilə Dilbər arasında düşmənçilik başlayacaq. Mirzə Əhməd — Heç də inana bilmirəm. Hərgah belə bir iş varsa, heç kəsə bildirmə! Mirzə Teymur — Budur adresi də qoynumdadır. Xatircəm ol, bu qruppanı dağıdacağam. Gəl gedək beləsinə, sənə deməli ən gizlin bir sözüm vardır. Buradakı başıpozuqluq barədə mərkəzə bir adsız məktub düzəltmişəm. Mirzə Əhməd — Bu barədə düşünmək lazımdır. Sən əvvəlcə çalış Qəhrəmanın aktrisasını bura gətir. Onu gətirə bilsən Qəhrəman da başını itirər. Mirzə Teymur — Mənə Mirzə Teymur deyərlər. Bizim kimi adamlar burada dura-dura bu böyüklükdə işi ağızlarından süd qoxusu kəsilməmiş uşaqlara tapşırsınlar?! Mirzə Əhməd — Sənin bacarığına inanıram. Amma səni hörmətdən salan bir şey varsa, o da Durna məsələsidir. Sən onun yaxasını burax, bu iş baş tutan işə bənzəmir. Mirzə Teymur — Başlanmış işi qurtarmaq lazımdır (gedirlər). Durna — (əlində portfel gəlir, portfeli stolun üstünə qoyaraq dərin bir nəfəs alır) Yenə də deyirlər ki, biz bu işi təşkil edə bilməyəcəyik. Qoy desinlər, köhnə və çürük fikirlər ilə bu axının qarşısını ala bilməzlər. (Uzunboğaz çəkmələrini və gimnastyorkasını təmizləyir) Lakin Mirzə Teymurun böhtanları məni incidir, qanadlarımı qırır, nəticədə Bəhlul kimi mədəni bir oğlandan uzaq gəzməyə məcbur oluram. O nə qədər səmimi və mədəni bir oğlandır. O cür oğlanı sevməmək mümkündürmü? Bəhlul — (gəlib bu sözləri eşidir) Əlbəttə ki, mümkün deyil! De görüm o oğlan kimdir? Durna — Lap ürəyim düşdü, mən heç bir zaman belə diksinməmişdim. Bəhlul — De görüm o oğlan kimdir? Nə üçün gizlədirsən? Durna — Sən çoxdanmı buradasan? Bəhlul — Sən o sözləri danışmağa başlayan dəqiqədən buradayam. Durna — (başını aşağı salıb utanır) Qəhrəmanın barəsində danışırdım. Dilbər haqlı deyildir. Bəhlul — (gəlib onun əlini sıxır) Amma doğru demədin ha... Durna — Doğrusu o qədər yorğunam ki, nə danışdığımı, belə, bilmirəm. Bəhlul — Boy, nə tez yoruldun? Durna — Yorğunluğum fiziki yorğunluq deyil, fikir yorğunluğudur. Bəhlul — Sənin nə kimi fikirlərin ola bilər? Şadlanmalısan, işi təşkil etmişik, hər iş yerindədir, sağlam bir kollektiv düzəltmişik. Durna — İş barəsində fikrim yoxdur. O nə qədər çətin olsa da su kimi içə bilərəm. Məni düşündürən Mirzə Teymurun böhtanlarıdır. Dünən bizim hava almaq üçün dəniz kənarına getdiyimizi bir dastan qayırıb, bizə əxlaqı pozğun deyir, bu gün hamıya xəbər vermişdir. Bəhlul — Əhəmiyyət vermə! Dəniz kənarında bizdən başqa yüzlərcə adam var idi. Durna — (boğazı tutqun bir halda) Necə əhəmiyyət vermə? Bu xəbər bizim ailəmizə çatsa mən yaxamı qurtara bilərəmmi? Bəhlul — Səbr elə, Durna. O cür adamlar çox yazıq adamlardır. Köhnə şüurla dolu olan başlar özlərini düzəltməli, yainki cərgədən çıxmalıdırlar. Durna — Arıma gəlməsəydi, ərizə verib başqa bir işə gedərdim. Bəhlul — Başqa tərəfdən də düşünəndə görürəm ki, o sovet düşməni deyil, onu düzəltmək mümkündür. Sevgi məsələsinə gəldikdə o da şəxsi işdir, o, hissi ondan almaq mümkün deyil. Madamki sən onu sevmirsən, o səni məcbur edə bilməz. Qəhrəman — (şad bir surətdə gəlir) Salam uşaqlar! Deyin görüm sahənizdə gedən işlər nə vəziyyətdədir? Bəhlul — Əleykümsəlam! İşlər ümidverici bir surətdə davam edir. Qəhrəman — A qız nə var? Səni özündə görmürəm, gözlərin nə üçün qızarıb?! Durna — Mirzə Teymurun əlindən buradan çıxıb qaçmaq istəyirəm. (Ağlayır). Qəhrəman — Eyibdir, sən bir partiyalısan. O sənə nə edə bilər? Bu gün gəlib direktorla danışırdı. O ki, lazımdır qızardıb yola saldıq. Bəhlul — Qırx il bundan qabaqkı tələbəlik zamanları yadına düşübdür. Gülürlər. Qəhrəman — Yoldaşlar, sizə bir tapşırığım vardır. Şüar birdir, bunu hər kəs özünə rəhbər tutmalıdır. Lülətəkən zavodu vaxtından əvvəl qurtarmaq üçün mexaniki, dülgərlik, xarratlıq və tə’miredici sexləri vaxtından əvvəl qurtarmaq lazımdır. Bəhlul — Məsələ aydındır. Durna — Buna görə də mən yaşayış mənzillərinin tez tikilməsinə çalışmalıyam. Qəhrəman — Belə ha bacım. Bura Azərbaycanın hər tərəfindən minlərlə qadın və kişi işləməyə gəlmişdir. Hər şeydən əvvəl onları mənzil barəsində tə’min etməliyik. Bəhlul — Burası şübhəsizdir, əmma... Qəhrəman — Necə əmma? Bunun bir əmması yoxdur ki... Bəhlul — Sən bilirsən ki, bizi başıpozuq adlandırırlar. Qəhrəman — Bəzən partizanlıq da lazımdır. Durna — Bizim sosializm yarışı düzəltməyimiz həmkarlar şöbəsi müdiri Hümmətin də acığına gəlibdir. İşi-peşəsi Mirzə Teymur ilə burunlaşmaqdır. Bizim məsələmizi partiya komitəsində qoymaq istəyirlər. Qəhrəman — (gəlib onların saçlarını sığallayır) Mətanətli olun, mənim əzizlərim! Mən özüm həmkarlar şöbəsi müdiri Hümmətin fəaliyyətsizliyi barədə məsələ qoymuşam, çünki fəhlələrin arasında siyasi və ictimai tərbiyə işləri aparılmır. Durna — Bəs Mirzə Teymurun məsələsini harda qoymaq lazımdır? Qəhrəman — Onda quru bir lovğalıqdan başqa heç bir şey yoxdur. Demoqoqdur, lovğalıq onun silahıdır. Mənə inanın, o düzələcəkdir. İndi də işdən danışaq. Sən gedib bu gün görülən işin yekununu gətir. Sosializm yarışı müqaviləsinə yazılanları da götürüb gəl. Durna getmək istərkən Dilbər gəlir. Dilbər — Durna, dayan bərabər gedək. Qəhrəman — Dilbər, nə olub? Yenə qaşlarının arasından ildırımlar çaxır? Dilbər — İki qılıncın arasında qalmışam, nə atamı ata bilirəm, nə də işi, nəhayət evdən çıxıb Durnanın yanına yığışmağı qərara aldım. Qəhrəman — Mən ona razı deyiləm, bu cəza onun üçün çox ağır olar. Dilbər — Nə edim, iş hesabına güzəştə gedə bilmərəm ki? Qəhrəman — Elədir Dilbər. Onlar yenə də Amerika və Avropada belə deyil deyə o köhnə fikirlərini gənc işçilərin və fəhlələrin arasına yaymaq istəyirlər. Dilbər — Onlar bununla bir şey bacarmazlar, kütlə üzünü bizə, arxasını isə onlara çevirmişdir. Bu da onlar üçün çox ağırdır. Qəhrəman — Mənə də ümid verən budur. Durma Dilbər, get sosializm yarışı müqavilələrini götürüb gəl. Bəhlul — Mən də görülən işlər barəsində məlumatı alıb gəlim. (gedərkən) Sən buradasanmı? Qəhrəman — Mexaniki sexin binasına baxıb qayıdıram. Hamı gedir səhnə boş qalır. Mirzə Teymur — (gəlib Durnanın dalınca baxır) Dinəndə yandı dilim, dinməyəndə dil yandı, Nə eşqi gizlədə bildim, nə aşikar elədim. Bu nataraz oğlu Bəhlul gəlməsəydi, qızı utandırıb və qorxudub alacağdım. Bu işlərdə xuliqanlıq da böyük iş görə bilər. Mirzə Əhməd — (gəlir) Mirzə Teymur, kim ilə danışırsan? Mirzə Teymur — Bu işlər barəsində danışıram. Burada olanların hamısı xəstədir. Ən sadə fəhlədən başlamış böyük bir mütəxəssisə kimi hər kəsə rast gəlirsən deyir ki, mexaniki sexi vaxtından qabaq qurtarmaq lazımdır. Mirzə Əhməd — Ayıq ikən desələr, yenə bir təhəri vardır. Bizim ölmüş qız, yuxusunda da danışarkən deyir ki, mexaniki sexləri vaxtından qabaq istismara verməliyik. Gülürlər. Mirzə Teymur — Amma mən deyirəm ki, bu iş nə vaxtından əvvəl deyil, vaxtından sonra da qurtarmayacaqdır. Mənə fransız Mirzə Teymur deyərlər! Adamların üzünə baxan kimi bilərəm nə quşun yumurtasıdır. Mirzə Əhməd — Hay-küyçüdürlər, atılıb-düşmələrinə baxma. Vıstavka Nəsir — (znaçoklarını silə-silə gəlir) Qəhrəman necə deyirsə, gərək elə də olsun. Qabıqdan çıxmalı olsaq da, mexaniki sexi vaxtından qabaq bitirməliyik. Mirzə Teymur — (Mirzə Əhmədə) Buyurun, bu da xəstələnmişdir. Sovetlər İttifaqında nə qədər znaçok çıxıbdır, hamısını bunun döşündə görmək olar. Bu mexaniki sexi vaxtından qabaq qurtaracaq! Mirzə Əhməd — (gülür) Buna görə də adına Vıstavka Nəsir deyirlər. Nəsir — (znaçoklarını təmizləyir) Eybi yoxdur, özüm də, znaçoklarım da Qəhrəmanın bir şirin dilinə qurbandır. Mirzə Teymur — İndi ki mexaniki sexi vaxtından əvvəl qurtarmaq istəyirsən get özünə bir qab tikdir. Yoxsa znaçokların xarab olar. Nəsir — İstehzanı burax, znaçoklarım xarab olsa da başım xarab deyil. Ağzını açan kimi haranı nişan aldığını bilirəm. Mirzə Əhməd — Ağıllı ol, nə məsxərəbazlıqdır. Nəsir — Eşit! İki il aqronomların atlarına baxmışam, üç il yer ölçənlərin şeylərini gəzdirmişəm, üç il ispolkomda çalışmışam. Son zamanlar kolxozda çalışıram. Hamısından da kağızım vardır. Sağlıq olsa Nəsiri burada da qabaqcıl görəcəksən. Güllü bir dəstə qadın işçilərilə gəlib otururlar. Güllü — (qadınlara) Bax sizə deyirəm, dəridən çıxsaq da gərək Qəhrəmanı bə’zi adamların yanında xəcalət qoymayaq. Mexaniki sex vaxtından qabaq qurtarmalıdır. Mirzə Teymur — (Mirzə Əhmədə) Görürsən ki, elə bil hamısına iynə vurublar. Mirzə Əhməd — Təəccüb edirəm. Bunların hamısını makinələşdiriblər. Güllü — Nə makinə? Mirzə Əhməd — Eh yazıqlar, siz dünyada nə görübsünüz?! Amerikada makinələşməmiş heç bir şey yoxdur. Geyinib soyunmaq üçün makinə... Mirzə Teymur — Çimmək üçün makinə... Mirzə Əhməd — İnsanı yedirmək üçün makinə... Mirzə Teymur — Yatırdıb oyatmaq üçün makinə... Mirzə Əhməd — İnsanın gələcəyini xəbər vermək üçün makinə... Bu əsnada Güllü burnunu silir. Nəsir — Mirzə, nə olar? Yazın Güllü üçün bir burun silən makinə göndərsinlər. Hamı gülür. İsmixan — (bir dəstə işçi ilə gəlir, Mirzə Teymura müraciət edir) Bu gün sosializm yarışı müqavilələri imza ediləcək, ya yox? Mirzə Teymur — Mən bilmirəm, onu mühəndis Nəsirdən xəbər al. Nəsir — Bəli, fəaliyyətli fəhlə olmaq bacarıqsız mühəndis olmaqdan yaxşıdır. Güllü — Bəli, İsmixan yoldaş, müqavilələr imza olunacaqdır. Qəhrəman — (gəlir, fəhlələri görür və sevinir) Xoş gördük yoldaşlar. Bu saat məsələmizə başlayırıq. (Mirzə Teymura) Axşamınız xeyir, nə olub çox yorğun görünürsünüz? Mirzə Teymur — Necə yorğun olmayım, hər kəsə yetişirsən deyir ki, «gərək sex vaxtından qabaq qurtarsın», bu biri tərəfdən də baxıb görürəm ki, iş böyük, başlar isə olduqca kiçik. Qəhrəman — (gülür) Doğrudur, hər kəs bu sözü təkrar edir, bu isə fikir birliyindən doğur. O ki, qaldı başlarımıza, o da siz düşünən qədər kiçik deyildir. Çünki bu başlar bolşevik tərbiyəsinin məhsuludur. Mirzə Teymur — Nə edim? Məni anlamaq üçün bir avropalı şüuru lazımdır. Qəhrəman — Sizi geri qoyan da həmən şüurdur. Yaxşı düşünün, hazırda o şüuru daşıyan Avropanın özü nə gündədir. Orada böhranlardan, çəkişmələrdən, xalqların azadlığına hücum etməkdən, aclıqdan, fəlakətdən başqa nə vardır? Mirzə Teymur — Mən öz xalqımın və öz hökumətimin dostuyam. Buna görə də sizin bura yığdığınız fəhlələr məni qənaətləndirmir, bunları Avropa fəhləsi ilə müqayisə edəndə tüklərim qabarır. Qəhrəman — Çünki müqayisə yanlışdır. Mirzə Teymur — Necə yanlışdır? Qəhrəman — Əlbəttə yanlışdır. Kapitalistlər üçün çalışan Avropa fəhləsini sovet müəssisəsində çalışan fəhlə ilə müqayisə etmək mümkündürmü? Mirzə Əhməd — Mirzə Teymurun bu müqayisəsi yanlışdır. Mən də təsdiq edirəm. Qəhrəman — (İsmixanı aralığa çəkir) Bu yoldaş azərbaycanlı bir çobandır. Normasını 170 faiz doldurmuşdur. İsmixan — (fəhlələri göstərir) Bu yoldaşlar hamısı mənimlə bərabər çalışırlar. Hamısı staxanovçudurlar. Qəhrəman — (səsləyir) Yoldaş Katelnikov, yoldaş Straşnov! Ayağa qalxın! Normalarınızı neçə faiz doldurmusunuz? Katelnikov — Yoldaş Qəhrəman, normanı 250 faiz yerinə yetirmişəm, söz birdir, sex vaxtından qabaq qurtarmalıdır. Straşnov — Normanı iki yüz əlli ilə üç yüz arasında doldururam. Bu gün bütün mexanikləri yarışa çağırıram. Qəhrəman — Bax, bunun üçün deyirəm ki, müqayisəniz yanlışdır. Sizin istehzaya qoyduğunuz Güllü ilə Nəsiri eşidin! Nəsir — Normanı 140 faiz doldurmuşam. Güllü — Yanımda oturan qadınların hamısı staxanovçulardır, yoldaş Qəhrəman, əmin ola bilərsən. İş vaxtından qabaq qurtaracaqdır. Qəhrəman — (Mirzə Teymura) Mən bunlara arxalanıram. Siz kimə arxalanırsınız? Baş mühəndis — (gəlir) Yoldaş Qəhrəman, şadlığımdan qabığıma yerləşmirəm, qələbəyə olan ümidlərim gündən-günə artır. Deyin görüm nə mübahisədir? Qəhrəman — Şübhələri dağıtmaq üçün mübahisə özü də yaxşı silahdır. Baş mühəndis — Bu yoldaşları nə üçün bura yığıbsınız? Qəhrəman — Sosializm yarışına girmək üçün qruplar bir-birilə müqavilə bağlayacaqlar. Durna — (Dilbərlə bərabər gəlir) Yaşayış binalarında gedən işlərin yekununu gətirmişəm. Qələbə gözümün qarşısındadır. Mirzə Teymur — Qələbədən danışmaq hələ çox tezdir. Hələ aldığın diplomun mürəkkəbi qurumamışdır. Avropa texnikasını beş barmağı kimi bilən bir mütəxəssisin yanında lovğalıq etməyin. Durna — Avropa texnikasını beş barmağınız kimi bilsəniz də sovet texnikasını bilmək işində beş ayağınızla axsayırsınız. Mirzə Teymur — (layihəni götürüb göstərir) Bu nədir?! Baxan kimi savadsızlıq gözə çarpır. Dəmir yolu və şose yolları Sumqayıtı pahlava şəklinə salıbdır. Durna — Layihə ilə yaxşı tanış olun, siz ancaq dəmir yolu və şose yollarını görürsünüz, onların ətrafında tikiləcək fabrik-zavodları görmürsünüz. Dilbər — Durna, faydasız mübahisələri bir tərəfə atın. İşə başlayaq (Müqavilələri çıxarıb stolun üstünə qoyur) Yoldaşlar! Gəlib imza edin! İmza əsnasında həmkarlar şöbəsi müdiri Hümmət həyəcanlı bir halda gəlir. Hümmət — A yoldaşlar, bu nədir? Biz burada sizin üçün balqabaq-zad deyilik ki? Qəhrəman — Nə olub? Hümmət — Nə üçün xalqı yığıb bura tökmüsünüz? Nə üçün qoymursunuz işləyək? Hər adam bir məs’uliyyət hiss etməlidir, ya yox? Mən gedib sizin məsələnizi partiya komitəsində qoysam, nə cavab verərsiniz? Dilbər — Cavab verərik ki, həmkarlar şöbəsi öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmədiyi üçün vəzifəsini biz ifa edirik. Hümmət — Məni bağışlayasınız. Bizim özümüzün sosializm yarışı barəsində qərarımız vardır. Qəhrəman — O hanı? Dilbər — Yeşiyində, kağızların altında. Gülürlər. Mirzə Teymur — Möhtərəm Hümmət, bu işlərdən əsla xəbərim yoxdur. Məni işə qarışdırma, mən mədəni bir adamam, başıpozuqluğu sevmərəm. Sənin fikrinə də şərikəm. Baş mühəndis — Yoldaşların təşəbbüsünü təbrik edirəm. (Mirzə Teymura) qoyun bu başıpozuqluğu mənim hesabıma yazsınlar. İşlərinizi davam etdirin. Hümmət — Vəzifəmizi əlimizdən alırsınız, adımızı da qoyursunuz ki, həmkarlar şöbəsi işləmir. Mirzə Əhməd — (başını layihədən qaldırır) Belə-belə işləri Amerikada görmək olmaz. Burada işdən çox danışıq gedir. Mirzə Teymur — Onun üçün də deyirəm ki, bu cavanların arasında təmizlik aparmaq lazımdır. Baş mühəndis — Nə təmizlik? Mirzə Teymur — Burada pozğunluq var, sevgi məsələləri var, xalqın ailə həyatını pozanlar var. Bəhlul — (gəlib bu sözləri eşidir) Əlbəttə təmizlik lazımdır, qoca kişilər öz nəvəsi yerində olan qızlara sevgi e’lan edərsə, cavanları kim məzəmmət edə bilər? Mirzə Əhməd — (yerindən qalxır) Mirzə Teymur, sənə min kərə demişəm ki, ümumi işlərdə bir nöqsan hiss edirsənsə danış. Şəxsi işləri burax, ayıbdır. Bunlar gəncdir. Sevgi də bunların fəaliyyətinə qanad verə bilər. Qəhrəman — Bəhlul, sənə yüz kərə tapşırmışam ki, özünü ələ al. Mirzə Teymurlar bizim böyükümüzdür. Raykom katibi — (gəlib müqavilə bağlayanları görüb sevinir). Sovet işçisi və sovet fəhləsi ilə hər bir şey yaratmaq olar. Hümmət — (katibə) Yoldaş katib, belə olmaz axı. Hərgah bunlar öz başlarına sosializm yarışı düzəldəcəklərsə bəs biz burada nəçiyik? Katib — Bir haldakı sən işləmirsən, bunlar əlini əlinin üstünə qoyub otura bilməzdilər ki? Dilbər və Qəhrəman sosializm yarışı məsələsini mənim ilə razılaşdırıblar. Dilbər — Yoldaş Hümmət, bir halda ki, fəhlənin qabağına düşüb getməyi bacarmırsınız, buyurub onların dalınca gedin. Bu qədər! (İşinə məşğul olur). Katib — Sağ ol Dilbər! (İşçilərə) Gedib rahat olun yoldaşlar! Sizə müvəffəqiyyətlər olsun. Mirzə Əhməd — (əlini qoyur Mirzə Teymurun çiyninə) Mənim dostum, görünür ki, bizim gözümüz Amerika və Avropada olduğu üçün evimizin içərisini lazımınca görə bilməmişik. Sovet texnikasının quruçuları biz düşünən qədər də sadə, savadsız deyillərmiş. Katib — Elədir Mirzə, hər bir sovet fəhləsi bir yaradıcıdır. Bu xüsusiyyət nə Amerika və nə də Avropada ola bilər. Hamı gedir, Mirzə Teymur, Mirzə Əhməd, Qəhrəman, Durna və Dilbər qalır. Qəhrəman — (Dilbərə) indi iş barəsində danışaq, bloknotunu çıxarıb yaz! Dilbər — Mən hazır! Qəhrəman — (əlindəki layihəyə baxır) Zavodun işğal edəcəyi sahə 62 min kvadrat metrdən ibarət olmalıdır. Dilbər — (yazır) Nə kimi şərt altında? Qəhrəman — Şimal ilə cənub arasında qərbə doğru uzanmaq şərtilə. Mirzə Teymur — Yenə də mənim dilim dinc oturmayacaqdır. Sənaye müəssisələrinin şimal və qərb tərəfə uzanması savadsızlıqdır. Bir halda cənub tərəfə uzanmağda böyük imkanlar vardır. Mirzə Əhməd — Görünür ki, layihə ilə yaxşı tanış deyilsən. Qərb tərəfdə Bakı — Moskva dəmir yoluna yaxınlaşmaq nəzərdə tutulmuşdur. Mirzə Teymur — Pardon! Mən bunu nəzərə almamışdım. Qəhrəman — İndi bizim əsas işimiz sosializm yarışını imza edənləri ixtisaslarına görə sahələrə ayırmaqdır. Bu vəzifəni Dilbərə və Durnaya tapşırmaq lazımdır. (Mirzə Əhməd və Mirzə Teymura) Siz zəhmət çəkməyin, gedib rahat olun! Gedirlər. Dilbər — Biz Durna ilə gedib səhərki iş planını hazırlarıq. (Şeylərini yığışdırıb getmək istəyir.) Qəhrəman — Dayanın birlikdə gedək. Dilbər — Gün axşama qədər bir yerdə deyilikmi? Sən hələ mənim xasiyyətimi öyrənmədinmi? Bir dəfə dedim ki, olmaz, iş qurtardı. (Gedir). Qəhrəman — (onun dalınca) Sizin xasiyyətinizi öyrənmək üçün dünyaya iki kərə gəlmək lazımdır. (Gedir). Bəhlul — Durna, maraqlanırsansa gedək səni yola salım. Durna — Nə eybi vardır. Görünür ki, Mirzə Teymuru əvəz etmək istəyirsən. (Qolunu Bəhlulun qoluna salıb gedir). Mirzə Teymur — (Tindən çıxıb onları səsləyir) Pardon, bir dəqiqəliyə! Bəhlul — Mirzə, axşamdır, sabaha qalsın! Gedirlər. Mirzə Teymur — Mən özümü bu saat bir avropalı qürürü ilə asaram. Pərdə * * * Beşinci pərdə Mühəndis Durnanın iş otağıdır. Durna əlində portfel daxil olur. Yazı stolunun dalında oturub məşğul olur. Durna — (bir kağız götürüb baxır) Bütün fikirləri bizi aldadıb uyğunsuz vəziyyətə salmaqdan ibarətdir. Bu cür adamların sevgisi də, məhəbbəti də rəngdir, aldadıcılıqdır. (Kağızı stolun üstünə qoyub məşğul olur). Mirzə Teymur — (daxil olur) Salam Durna xanım, nələri düşünürsən? Durna — Bə’zi adamların uyğunsuz hərəkətləri barəsində düşünürəm. Dünən sizdən bu gecəki məruzə üçün nə istəmişdik? Mirzə Teymur — Əvvəla budur ki, istədiyiniz materialı verdim. İkincisi də siz gəlin bu cəmaətin başını iclas ilə, məruzə ilə aldatmayın. Hələlik məruzəyə layiq bir iş görə bilməmisiniz. Başdan-ayağa səhv içindəsiniz. Durna — Əlbəttə ki, sizin kimilər 62 kilometrdə daxili dəmir yolların əvəzinə 25 kilometr göstərəndə xalq bizim səhvimizi göstərə bilər. Bu sənin xəttindir ya yox? Mirzə Teymur — (baxır) Mənim xəttimdir. Durna — Bəs nə üçün 62 kilometri 25 kilometr yazmısınız? Siz həmişə deyirsiniz ki, mən Avropa mədəniyyətini mənimsəmişəm. Mirzə Teymur — (özünü düzəldib Durnanın qarşısında durur) Əlbəttə ki, mənimsəmişəm. Bunu kim inkar edə bilər? Baxın bütün varlığımla bir fransız, mədəni bir avropalıya bənzəmirəmmi? Durna — Hərgah onların mədəniyyəti bundan ibarətdirsə, vay onların gününə. Bilmirəm, siz gənc mütəxəssislərdən nə istəyirsiniz? Nə üçün öz-özünüzü ifşa edirsiniz? Ayıbdır, yaşlı mühəndissiniz, nə üçün özünüzü əyləncə aləti qayırmısınız? O qiyafə nədir? Mirzə Teymur — Əlbəttə, mədəni lər mədəni olmayan adamların gözündə gülünc görünər. Görünür ki, sənin üçün mədəni qiyafələr və mədəni sevgilər yabançıdır. Durna — Sevgidən danışma! Sən hər kəsi sevə bilərsən, o ixtiyarı heç bir kəs sənin əlindən ala bilməz. Amma səni sevməyən bir qızı ona məcbur edə bilməzsən. Mirzə Teymur — Yaxşı bax, məndə bir avropalı qürürü vardır. Bu qürurla yaşadığım kimi bu qürurla da məhv ola bilərəm. Mənim iqbalımın gülünü qoparıb öz döşünə taxanlar ilə hesablaşacağam. Mən qabaqca səni yoldan azdıran Bəhlulun həyatına, sonra da öz həyatıma son qoyacağam. Durna — (yalvarıcı bir vəziyyət alır) İnan mənə! Bəhlulun heç bir təqsiri yoxdur, o gəncdir, onun həyatına qəsd etmə! Mirzə Teymur — Mənə qəti bir söz deməlisən. Əks surətdə iki nəfərin həyatı məhv olur. Durna — Bu fikirdən əl götür. Mənim gəncliyimi məhv etmə. Mən sən istədiyin qəti sözü deyə bilməyəcəyəm. Mirzə Teymur — Elə isə əlvida, ey mənim həyatım! (Gedir). Durna — (həyəcanla qalxıb başını tutur və otağı dolaşır) Mən nə etdim? O gedib Bəhlulu da, özünü də məhv edəcəkdir. İki adamın ölümünə səbəb olan bir qız nə üz ilə cəmiyyət arasına çıxa bilər?! Qoy mən özüm məhv olum! Onun murdar əlinə təslim olummu? (Fikrə gedir) Gedirəm, onu qaytarım. (Paltosunu geymək istəyir, dayanır). Lakin vicdanım razılıq vermir. Nə vicdanla onun murdar əlinə təslim olum? Nəsir — (pəncərədən) Salam Durna xanım, gəlmək olarmı? Durna — Nəsir dayı, yalvarıram dayanma! Tez gedib Bəhlulu tap, ona xəbər ver ki, Mirzə Teymurdan ayıq olsun, onun gözünə görünməsin. Nəsir — Bu saat, göydə də olsa, yerdə də olsa onu tapacağam. Durna — Nə üçün mən onu rədd etdim? Nə üçün özümü fəlakətdən qurtarmaq üçün Bəhlulun məhvinə səbəb oldum? Bəhlulun nə təqsiri vardır? O mənim səbəbimə gənclik həyatından ayrılır. (Yenə də paltosunu götürüb geymək istəyir). Gedirəm! Bəhlul — (daxil olur) hara, Durna? Bu nə həyəcandır? Durna — (təvşüyə-təvşüyə oturur) Ah, nə qədər sevindim! Ürəyim partlayacaq idi. O səni görmədimi? Bəhlul — Kim? Durna — Mirzə Teymur səni də, özünü də məhv etmək istəyir. Bəhlul — Nə olub, nə səbəbə?! Durna — Çünki mən onun murdar ehtirasına təslim olmaq istəmədim, onu rədd etdim. Yalvarıram bir qədər ehtiyatlı ol, o mənim qəlbimi yaralamaq istəyir. Bəhlul — (gülür). Bilmirəm sən nə üçün bu qədər sadə ürəklisən? O səni bununla qorxutmaq istəyir. O özünü öldürəcək qədər axmaq deyildir. Oyun çıxarır, sən bir sovet qızı, sovet mütəxəssisisən. Bu qədər sadəlik sənin üçün ayıb deyilmi? O mənim gözümü də püfləyə bilməz. Durna — Doğru deyirsən, vicdanım imkan versəydi özümü fəlakətin qoynuna atacağdım. (Oturur) Bir qədər danış, qoy keçirdiyim qorxulu dəqiqələri unudum. Bəhlul — Onda al «Komsomolçu qıza» sərlövhəli şe’rimi oxu, qəlbim açılsın. Durna — Bəhlul, özün düşün, dəhşətdən dodaqları da ürəyi kimi titrəməkdə olan bir qız nə cür şe’r oxuya bilər? Mən yenə də qorxuram, o məndən ötrü özünü məhv edərsə, bu hadisə mənim həyat tarixımdə əbədi bir ləkə olub qalacaqdır. Bəhlul — İnan mənə, bu onun son macərasıdır. Sənin sadəliyindən, rəhmdilliyindən istifadə etmək istəmiş. Durna — Elə isə oxu şe’rinə qulaq asım. Bəhlul — Dinlə, qoy özüm oxuyum. (Oxuyur) Gözündə cilvələnir möhtəşəm bir istiqbal, Əməllərim kimi çöhrən şəfəqlə malamal. Dodaqlarında təbəssüm, baxışların mübhəm, Nədir vücudunu tə’zib edən bu gizli ələm? Nədən kədərlərə qərq olmuş hüsni-pürxəndən? Kədərlərin dənizindən qopub gələn xəndən. Durna — Yaxşı, ver bura özüm oxuyum! (Şe’ri özü üçün oxuyub yerə qoyur). Bəhlul — Görünür ki, şe’rim xoşuna gəlmədi. Durna — Təəssüf ki, şe’rində komsomolçu qızı nə qədər axtardımsa tapa bilmədim. Bəhlul — Məgər bu şe’rim təbiətin yaratdığı gözəl və ülvi bir şəxsiyyətin fotoqrafı deyilmi? Bilmirəm nə üçün daima mənim şe’rlərimi tənqid edirsən? Durna — Bəhlul, səni tənqid edirəm və çox da yerində tənqid edirəm, həm də utanıram, çünki bu cür şe’ri mədəni bir qadının yanında oxumaq mədəniyyətsizlikdir. Bəhlul — Nə üçün? Durna — Çünki bu şe’r ülvi bir şəxsiyyətin fotoqrafı yox, bir qadın əndamının fotoqrafıdır. Bu şe’rdə göstərdiyin ülviyyəti hələlik təbiət heç qadına nəsib etməmişdir. Bəhlul — Nəsib etmişdir. Sənin varlığın mənim bu sözümün silinməz bir vəsiqəsidir. Durna — İncimə, Bəhlul! Madam ki, biz bir-birimizə hörmət bəsləyirik gərək açıq danışaq. Sənin şe’rindəki misraların hər birisi qəlbində təlatümə başlamış coşqun bir ehtirasın damcılarıdır. De görüm sən mənim ülviyyətimi nədə görürsən? Bəhlul — Sən insanın fikrinə, fəaliyyətinə, təşəbbüsünə ilham verə biləcək bir ülviyyətə maliksən. Sən elə ülvi bir gözəlliyə maliksən ki, ən mürəkkəb və ən çətin sənətlər sənin çöhrənə baxıldığı zaman yaradılır. Durna — (gülür və qalxıb Bəhlulun saçlarını sığallayır) De görüm necə aydır mənim çöhrəmə baxırsan, cavab ver, səni yaxşıca tutmuşam. Bəhlul — Bir ildən artıqdır. Durna — Bəs necə olub ki, mənim çöhrəm bu müddətdə sənin fəaliyyətinə ilham vermədi. Nə üçün sosializm yarışında uduzmaq ərəfəsindəsən? Özünü ələ al! Bəhlul — Vicdanımla söz verirəm! Özümü düzəldəcəyəm. Durna — Dünyada irəli atılmaq üçün sevgidən də əlverişli bir qanad ola bilməz. Görünür ki, sevgin də şe’rin kimi sünidir. İnan mənə, vəzifəndə qalib gəlməyincə, sevgidə də qalib gəlməyəcəksən. Bu sözüm qətidir, gedib düşün. Bəhlul — Söz verirəm, Durna! Sonra? Durna — Sonra da elektrik stansiyasında gedən işlər barəsində mə’lumat lazımdır. Axşamkı iclasda lazım gələcəkdir. Bəhlul — Hamısını hazırlamışam. Bu saat gedib gətirim. (Gedərkən). Durna — Bəhlul! Yalvarıram, özünü o canavardan gözlə! Bəhlul — Nigaran qalma! O canavar deyil, onun bu günkü hərəkəti əski tələbəliyə məxsus xasiyyətlərin kiçik bir nümayişidir. Bu əsnada Nəsir daxil olub Bəhlulu görür. Nəsir — A kişi, səni axtarmaqdan yoruldum axı. Bəhlul — Nə işin var idi? Nəsir — Məni Durna xanım göndərmiş idi. Ayıq ol, Mirzə Teymur səni öldürəcəkdir. Bəhlul — O bu işi görməz, inanmayın. (Gedir). Durna — Nəsir dayı! Nə əcəb gəlmişdin? Nəsir — (gülümsəyib əyilib, büzülür) Doğrusu utanıram da deyim. Sabah gecə Güllü ilə bizim xeyir işimiz baş tutur. İstəyirəm ki, siz də zəhmət çəkib bu xeyir işdə iştirak edəsiniz. Güllü — (gəlib bu sözləri eşidir) Necə-necə? hansı xeyir işin? Nəsir — Yenə necə oldu? Yoxsa sözünü dəyişirsən? Güllü — Sözümü dəyişmirəm, ancaq tələsməyə gəlməz. Qoy hələ biri-birimizi bir qədər öyrənək. Nəsir — İnsafın olsun axı. Adam bir-birini necə ilə öyrənə bilər? Gözləməkdən saqqalıma dən düşüb ki. Güllü — Nəsir, hərgah məni sevirsən, işimə mane olma! Sosializm yarışında ayağım-başım toya qarışsa uduzaram, bu da ki, mənim adıma yaraşmaz. Nəsir — (Durnaya) Durna xanım, yalvarıram, bunun başına bir ağıl qoy! Ətək dolusu pul töküb hazırlıq görmüşəm, şirnim xonçalara tökülüb, teşt dolusu düyüm isladılıbdır. Durna — Bu gün iclasa hazırlanırıq. İclasdan sonra konsert də olacaqdır. Nəsir — (Güllüyə) Anam, bacım, nə üçün üzüyümü barmağına taxanda bunları fikirləşmədin? Güllü — Al, bu da sənin üzüyün. Beş-altısı ondan ötrü məəttəl deyildir. (Çıxarmaq istəyir). Nəsir — Sən olasan nakam qardaşın Əbişin qəbri üzüyü qaytarma, yenə də gözlərəm! Bu əsnada pəncərədən bir kağız atırlar. Durna — (oxuyur) Rəhmsiz, vəfasız Durna! Bu məktubu həyatımın son dəqiqələrində yazdım. Axşam tam saat 7-də özümü dəniz kənarındakı bağda asacağam. On dəqiqə keç gəlsən məni diri görməyəcəksən. Qoy ömrün boyu bu ləkə sənin vicdanında qalsın. (Saatına baxır. Başını tutur.) İş çiddiləşdi, hara qaçım? Kimdən kömək istəyim? (Qalxır) ona nicat vermək üçün gedirəm! Nəsir — O nə üçün özünü asır? Asırsa qoy assın. Çox da lazımlı adam deyil ki. Durna — Nəsir dayı, yalvarıram gedin bağa. Hərgah o özünü asmaq istərsə qoymayın. Hər nə olursa-olsun mən onun təklifini qəbul edə bilmərəm. O mənimlə evlənmək istəyir. Güllü — Allah onu vurmuşdu. İndi mən gedib ona bir kələk qurum ki, hər şey yadından çıxsın. Şalını ver salım başıma. Durna — (şalı verir). Al, nə edirsən et, amma onu ölümdən qurtarın! Güllü — (şalı başına salır) Yol verin, Durna Mirzə Teymurla görüşə gedir. (Nəsirə) sən kənarda durub göz qoyarsan, görərsən onun başına nə oyun gətirəcəyəm. Gedirlər. Durna — (həyəcanla otağı dolaşır) Əcəba o bu intiharla məni rüsvay etmək istəyirmi? Nə çarə edim? Kim məni bu fəlakətdən qurtara bilər? O, ölsə də, diri qalsa da mənim mənəviyyatımı məhv edəcəkdir. (Başını tutub otağı dolaşır). Qəhrəman — (daxil olub təəccüblə soruşur) Nə olub Durna? Bu nə vəziyyətdir, nə eşitmisən? Durna — Qəhrəman, yardım ver, məhv oluram. Al oxu! Qəhrəman — (alıb məktubu oxuyur) Həyəcan lazım deyil. O, çox hiyləkar adamdır. Axmaq olsa da özünü məhv edəcək qədər axmaq deyildir. Bir də budur ki, sən mətanətli olmalısan. Səndə bolşevik ürəyi olmalıdır. Quru hədələr səni yerindən tərpətməməlidir. O bununla səni görüşə məcbur etmək istəmişdir. Durna — Mənim əvəzimə Güllü onun görüşünə getdi. Özünü öldürmək istərsə mane olacaqlar. Şalımı başına örtüb getdi. Dilbər — (daxil olur) Axşamınız xeyir! Bağışlayın söhbətinizə mane olmayacağam. Məruzə üçün lazım olan materialları gətirdim. (Portfelindən çıxarıb verir). Durna — Dilbər bu nə sözdür? Səndən gizlin nə kimi söhbətimiz ola bilər? Mirzə Teymur indicə məktub yazıb intihar edəcəyini bildirmişdir. O barədə danışırıq. Dilbər — Eh, Mirzə Teymurdur, mənim atamdır, onlar mənəviyyətcə çoxdan bəri intihar ediblər. Qəhrəman — Yox, Dilbər, atamızı Mirzə Teymurla müqayisə etmək olmaz. Dilbər — Yox, o son günlər olduqca əsəbiləşmiş, çox inadkardır. Buna sənin tənqidlərin də bais olur. Nəhayət mən onu atdım, daha evə qayıtmayacağam. Onun sözlərini eşidə bilmirəm. Düzəlməsinə olan ümidlərim boşa çıxır. Durna — Yanılırsan. O artıq sovet gəncliyinin qüdrətinə inanmağa başlamışdır. Qəhrəman — O artıq öz biliyini gənc mütəxəssislərdən əsirgəmir. O namuslu bir sovet adamıdır. Lakin, xasiyyətinin əlində əsirdir. Sən evə qayıt! Dilbər — Qayıda bilmərəm, çünki onun özü məni evdən qovmuşdur. Nə qədər ki, o mirzə teymurlardan əlaqəsini kəsməmişdir, onunla barışmayacağam. Bəhlul — (əlində material gəlir) Material hazır! Yaxşı oldu, Dilbər də buradadır. Birlikdə gedərik. Qəhrəman — (saatına baxır) İclasın vaxtıdır, səkkizə on dəqiqə işləmişdir. Durna — (öz-özünə) Yəqin ki, indi o özünü məhv eləmişdir. Bəhlul — Fikir vermə! Qalxın gedək. Dilbər — Yox, mən sizinlə getmirəm! Durna iclasdan sonra məni gözlərsən, sizə gedəcəyəm! (Gedir). Qəhrəman — (onun dalınca baxır) həm dəli həm də ağıllı şeytan! Pərdə düşür, tez qalxır, dəniz kənarında bir bağça görünür. Mirzə Teymur — (danışır) o çox qorxaqdır, həm də sadədir, şübhəsiz ki, o məni ölümdən qurtarmaq üçün bura gələcəkdir. O intihar adını eşidən kimi özünü şaşırdı. Doğrudan da o elə bildi ki, mən Bəhlulu da, özümü də öldürəcəyəm. (Ayaq səsi eşidilir, durub bir qədər dinləyir). O gələcəkdir, bu da mənim üçün kifayətdir. Bir daha əlimdən qurtara bilməz. Güllü — (gəlib skamyalardan birinin üstündə oturur) Kim olduğunu görmürəm, amma sözlərindən Mirzə Teymura bənzəyir. Mirzə Teymur — Nə üçün də o məndən qaçsın? Nə üçün mən özümə əhəmiyyət vermirəm? Parisin Şan-Zaliza bulvarını nə üçün unudursan? Fransız qızlarının səninlə tanış olmaq üçün növbəyə durduğu yadından çıxdımı? Güllü — Gül sənin başına, ordakılar da sənin tayın imiş. Mirzə Teymur — (o tərəf bu tərəfə boylanır) Gəlmədi, keçən günlər nəzərimdə canlandı. (Üst-başını düzəldir, özünü cürbəcür duruş və yerişlərdə imtahan edir. Birdən-birə skamyada bir qadın oturduğunu görür). Durnadır, mənim arzularımın mücəssəməsidir. Başındakı şalından tanıyıram. O məni intihardan qurtarmaq üçün gəldi, o bir fransız çentilmeninin həyatına qiymət qoyduğu üçün gəldi. Güllü — (şalı üzünə çəkir) Mirzə Teymur olmağına Mirzə Teymurdur, amma heç də özünü öldürmək istəyən adama bənzəmir. Mirzə Teymur — (yaxalığını və libasını düzəldir) O əvvəlcə məni tanımayacaqdır, çünki mən Fransadan gələndən bəri bu kastumu əynimə geyməmişəm. Güllü — (özü-özünə) naftalin qoxusu bağı bürüdü. Mirzə Teymur — (bir necə qədəm irəli atır) Sevin, mənim qəlbim, səadətlə sənin aranda bir necə qədəm qalmış, (irəli gəlib əllərini Güllüyə tərəf uzadır). Sevginlə könlümə bir çıraq yandır, Ey nazənin pəri məni taclandır. Güllü — (yavaşdan) Mirzə, mən Durnayam, pəri deyiləm. Mirzə Teymur — Nə qədər bədii səs! İndi o mənim əlimdən tutub dodaqlarına və sinəsinə qoyacaqdır. (İrəli gəlir) Salam barışna! (Diz çökür). Uzat dodaqlarını, ey pəri, dodaqlarıma! Güllü — Mirzə dəyməz! Mən Pəri deyiləm, Durnayam, səni ölümdən qurtarmaq üçün gəldim. Mən iki nəfəri ölümdən qurtarmaq üçün özümü fəda etməyə gəldim. Mirzə Teymur — Mənim diriliyim sənin bir sözündən asılıdır. Yalvarıram haman sözlə mənim qəlbimi sakit elə! (İrəli gəlib qolundan tutmaq istəyir). Güllü — Mirzə eləmə! Görən olar. ZAGS-a gedəndən sonra. Mirzə Teymur — ZAGS-ın mə’nası iki qəlbin birləşməsidir. At başındakı şalı at! Qoy göz bəbəklərindən parlayan işıq mənim istiqbalımı işıqlandırsın! (Qolundan tutur). Güllü — Mirzə, yoxsa məni Durnaya bənzətmisən? Mirzə Teymur — (diksinir) Pardon, pardon! Güllü — Dəli-zad deyilsən ki, hara paydom? Ay Nəsir, gəl görüm bu məni hara aparır? Nəsir — (gəlir) Nə var, nə olub? Güllü — Nə olacaq, burada oturmuşam, gəlib mənim ilə eşqbazlıq edir. Tez-tez qolumdan tutub paydom-paydom deyir. Nəsir — Sən öləsən sənə elə bir toy tutaram ki, bir paydom da o biri tərəfindən çıxar. İşi o yerə yetirmisən ki, xalqın qızına paydom-paydom deyirsən? Mirzə Teymur — Ağa Nəsir, paydom demirəm, pardon deyirəm. Nə çarə qılım fransızca savadım yoxdur. (kənarə) Belə də mədəniyyətsiz camaat olar? Mədəni bir adamı ölməyə də qoymurlar. (Yükürüb ağacdan asdığı ipi boğazına keçirmək istəyir) Nəsir — Elə iş yoxdur. Ölməyə qoymaram, gərək diri ikən deyəsən görüm mənim arvadımı hara aparmaq istəyirdin? Bu əsnada Qəhrəman, Bəhlul və Durna gəlir. Durna — Ay Nəsir dayı, nə olub, nə səsin gəlir, mirzədən nə istəyirsiniz? Nəsir — Bundan artıq daha nə ola bilər? Arvadın qolundan tutub paydom-paydom deyib aparmaq istəyirmiş. Mirzə Teymur — Allahı sevirsiniz bunun fransızca savadı yoxdur, pardon sözünü buna tərcümə edin. Bəhlul — Ay mirzə, nə üçün öz dilini danışmırsan ki, mütərcimə ehtiyacın düşməsin! Mirzə Teymur — Durna xanım, bu kələyi sən qurmusan. Mən bu təhqiri bir avropalı qüruru ilə bağışlamayacağam. Keç-tez özümü məhv edəcəyəm. Qəhrəman — (onun qolundan tutur) Özünüzü ələ alın, siz yaşlı bir mütəxəssissiniz, bu işlər sizə yaraşan iş deyil. (Məclisə) Sizə tapşırıram, bu məsələni heç bir kəs bilməməlidir. Durna — Mirzə, yenə də sənə yalvarıram, öz xoşbəxtliyini mənim bədbəxtliyim üzərində qurmağa çalışma. Bir əməkdaş kimi rəftar etmiş olsan, daima bir dost kimi sənin əlini sıxaram. Əlini ver bura! Qoy bütün oyunlar bununla bitmiş olsun. Mirzə Teymur — (Durnanın əli əlində ikən) Yox, qəlbini də bu əlin üstündə görmək istərəm. Durna — (əlini çəkir) Yox mirzə, bir qəlbi iki adama vermək olmaz. Gedirlər. Pərdə * * * Altıncı pərdə Teatrın foyesidir, foye lazımı qədər işıqlanmamışdır. Durna — (Dilbər ilə bərabər zaldan çıxırlar) Afərin Qəhrəmana! Gözəl danışdı. Bu mə’ruzə iclasda olanların hamısını hazırkı qələbəmizə inandırdı. Həm də bir tərəfli tənqidçiləri lazımınca ifşa etdi. Sən əbəs yerə onunla bir yabançı kimi rəftar edirsən. Dilbər — Durna, sən də bir tərəfli danışırsan. Nə üçün mənim Qəhrəmandan çəkdiyim əziyyətlərdən, ondan gördüyüm həqarətlərdən danışmırsan? Mən onun inadları nəticəsində doğma atamı da atdım, amma o... Durna — Necə amma o?.. O nə edə bilərdi? O partiyanın və hökumətin qarşısında ağzını yumub otura bilməzdi ki? O ki, qaldı həqarətə, o da Qəhrəmanın barəsində açıq bir böhtandır, çünki o bunun üçün yaranmamışdır. Elə bilirəm ki, onun qəlbində kin və ədavətə yer yoxdur. O olduqca nəvazişkar bir oğlandır. Dilbər — Onların hamısı doğrudur. Lakin o yaxşı da olsa, pis də olsa mənim üçün deyildir, hazırda mən onu bir əməkdaş kimi müdafiə edirəm. Edəcəyəm də, çünki o olduqca namuslu bir mütəxəssisdir. Nə isə... görəsən bədii hissədə nə var? Durna — Afişanı görmürsənmi? Dilbər — (afişaya baxaraq diksinir) mən yuxumu görürəm? Bu ki, Firəngizdir. (Durnaya) Bax, bu sənin tə’rif etdiyin Qəhrəmanın Firəngizidir, o məni zəhərləmək üçün bunu çağırıb Azərbaycana gətirdi. (Afişaya diqqətlə baxır). Sən qızlığında da kədərli idin, indi də kədərlisən. Görünür ki, sən də mənim kimi şadlıq üçün yaranmamısan. Durna — Dilbər, mən bu işdən şübhələnirəm. Qəhrəman Firəngizin buraya gələcəyini bilsəydi bizdən gizlətməzdi. Mən elə bilirəm ki, bu bir təsadüfdür. Dilbər — (afişaya bir daha diqqətlə baxır) Doğrudur o gəlib, lakin bu gəlməklə Qəhrəman üçün şadlıq gətirməmiş, çünki qız başqa familiya daşıyır. Durna — Yazıq Qəhrəman! Dilbər — Doğrudan da yazıq Qəhrəman. İqbal onu cəzalandırdı. Çünki o Firəngizi də, məni də itirdi. Gözləyənlərin sonu budur. Durna — Elə düşünmə, Dilbər, Qəhrəmanı rədd etmək insafsızlıqdır. Dilbər — Durna, sən gəl məni təhqir etmə. Mən növbəyə yazılan qızlardan deyiləm. Durna — Bəxtin gülməyə başlarkən ağlamağın mə’nası yoxdur. Sən Qəhrəmanı sevirsən, heç atılıb düşmə. Dilbər — Qəhrəmanın özü də məni qısqandırmaq üçün orada-burada: «Firəngiz dünya gözəlidir» deyirdi. İndi yaxşı bax, bunun harası dünya gözəlidir? Durna — Mən səni qısqandırmaq istəmirəm. Amma olduqca cazibəli gözləri vardır. Dilbər — Baxışları sün’idir. Dodaqları mərmər bir heykəlin dodaqları kimi cansızdır. Firəngizi mənə tanıtma. Onu məktəb skamyasından tanıyıram. Durna — Duruşunda qalınlığa məxsus bir əzəmət var. Dilbər — Padumayeş! Əzəmət var. Bəsdir sən allah, qulaqlarım yoruldu. (Gedir). Durna — (onun dalınca gülür) Qısqanclığın özü də sevgi ilə bərabər doğulan xəstəlikdir. (Dolanmağa başlayır, Bəhlul zaldan çıxıb Durnanı görüb yanaşır) Bəhlul — Nə üçün tək durmusan? Durna — Dilbər məndən ayrılıb getdi. Təzə hadisədən xəbərin varmı? Bəhlul — Nə hadisə? Durna — Afişaya yaxşı bax, bu qız Qəhrəmanın gözlədiyi Firəngizdir. Özü də ərə getmiş. Bəhlul — Bunu kim bura çağırdı? Qəhrəman nə üçün bunu bizdən gizlətdi? Durna — Mən elə bilirəm ki, bu bir təsadüfdür və yainki burada bir gizlin əl işləmişdir. Bəhlul — Qəhrəmanı gözdən qoymaq lazım deyildir. O özünü rüsvay edə bilər. Başlayırlar foyedə dolanmağa, Dilbər dəxi həyəcanlı bir surətdə onlara yanaşır. Nəsir — (Güllü ilə bərabər daxil olub zalın qapısında duran qadına müraciət edir) Konsert hələ başlanmayıb ki? Qadın — Xeyr! Hələ iclas qurtarmayıbdır. Nəsir — (divardakı afişada qız şəklini görüb baxmaq istəyir) Güllü, o qız kimdir? Güllü — (onun ətəyindən dartır) Gəl belə! Nə gözünü ora zilləmisən?! Mənim şorgöz kişidən zəhləm gedər. Nəsir — (əlini qoyur Güllünün ağzına) Yavaş danış, dəlisən, nəsən? Durnanı, Dilbəri görmürsənmi? Güllü — Onlar bilsələr ki, sən şorgözsən dərini çıxardarlar. Gündə əlli kərə kontora soxulursan. Foye işıqlanır, iclasdakılar zaldan çıxır. Mirzə Teymur — (Mirzə Əhmədlə bərabər zaldan çıxırlar) Doğrusu sənin bu günkü çıxışından heç də xoşlanmadım. Mirzə Əhməd — Doğrudur, mən inadkaram, bir az qabalığım da vardır, bununla bərabər vicdanım da vardır, həqiqəti inkar edə bilmərəm. Qəhrəmanın dediyi qələbə inkaredilməz qələbədir. Mirzə Teymurla Mirzə Əhməd danışdığı zaman baş mühəndis onlara yanaşır. Baş mühəndis — Mirzə Teymur! Sizin bacarıqlı bir mühəndis olduğunuza heç bir şübhə ola bilməz. Lakin yersiz tənqidlər ilə özünüzü ifşa edirsiniz. Çıxışınızdan heç bir kəs razı qalmadı, nə üçün həqiqəti görmürsünüz! Mirzə Teymur — Doğrudur, tənqid mədəniyyətsiz adamlar üçün çox acıdır. Qoy incisinlər. Baş mühəndis — Tənqidi təhqirə çevirmək yaramaz. Mirzə Teymur — Mən heç bir kəsi təhqir etmirəm. Ancaq deyirəm ki, görülən işlər mənim səliqəm ilə düz gəlmir. Mənim ağzımı qapamaq olmaz, mənə yaxşı bax! Baş mühəndis — İş lazımi qədər təşkil olunub, əmək məhsuldarlığı əldə edilib, mexaniki sexin dəzgahları səslənir, daha nə istəyirsiniz? Mirzə Əhməd — (sözü müdaxilə edir) Mə’ruzə həqiqi mə’ruzədir. Gənc mühəndislər qalib çıxacaqlar. Mən sexi lazımi qədər gözdən keçirmişəm. Keyfiyyət barəsində heç bir söz ola bilməz. Gənc mühəndislərin təşkilatçılıq bacarığına inanmamaq qərəzkarlıqdır. Sənə qəribə gəlməsin, biz anlamaya da bilərik. Mirzə Teymur — Demək ki, sən Qəhrəmanla barışırsan? Mirzə Əhməd — Qəhrəman nəçidir? O burada işləyən makinənin kiçik bir vintidir. Burada böyük bir kollektiv vardır. Sən də, mən də o kollektivin üzvləriyik. Nə üçün biz tək-tək şəxslərdən yapışırıq? Bu bizim səhvimizdir. Mirzə Teymur — Demək ki, sən təslim oldun. Amma məndə bir avropalı qüruru vardır. Heç bir zaman oğul-uşağa təslim olmaram. Mirzə Əhməd — Mən çox təəssüf edirəm ki, biz indiyə qədər qürurla cəhlin və inadın fərqini qoya bilməmişik. Mirzə Teymur, sən də, mənim özüm də, şərəfli kollektivə təşəkkür etməliyik. Bəsdir, bizim inadımız işə az ziyan verməmişdir. Biz daha böyük mənfəət verə bilərdik. Katib — (direktorla bərabər zaldan dışarı çıxır, Mirzə Əhmədə yanaşır) Sağ olun mirzə, sizin bu günkü çıxışınız iclasda olanların hamısını razı saldı. Mirzə Əhməd — Siz elə bilməyin ki, mən öz çıxışımda gənc mühəndislərə yaltaqlıq etmək istədim. Doğrudur, mən çoxdan bəri gənclərin bacarığına inanmırdım. Lakin mən həqiqəti inkar edə biləcək qədər vicdansız deyiləm. Katib — Biz bu cür çıxışı Mirzə Teymurdan da gözləyirdik. Lakin bunun əksini gördük. Mirzə Teymur — (dalısını Dilbərə, Bəhlul və Durnaya çevirib afişanı oxuyur) Moskvada musiqi təhsilini bitirmiş Firəngiz Nə’manova. Dilbər — Mənə eşitdirmək istəyir. Bilmirəm Qəhrəman nə üçün bunu bizdən gizlədirdi? Qəlbi saf deyil, vəssəlam! Durna — Səbr elə görək, Dilbər. Hələlik bu açılmamış sirrdir. Bəhlul — İş-işdən keçibdir. Qəhrəmanı bir təhər buradan aparmaq lazımdır. Qəhrəman — (bir dəstə işçi ilə zaldan çıxır, Bəhlul, Durna və Dilbərə yanaşır) Dilbər, konsertə qalacaqsanmı? Dilbər — (yarım açıqlı) Xeyr! Konsertdən də, konsertdə oxuyandan da ötrü məəttəl deyiləm! (Gedir). Qəhrəman — Durna! Yenə Dilbər nə eşidibdir?! Durna — Nə eşidəcək? Bir belə işin var idisə nə üçün bizdən gizlədirdin? Biz sənə düşmən deyilik ki? Qəhrəman — Nə iş? Mənim sizdən nə kimi gizlin işim ola bilər?! Mirzə Teymur — (gəlib afişanı oxuyur) Təhsilini Moskvada bitirmiş aktrisa Firəngiz Nə’manova! Qəhrəman — (bu sözdən diksinib, arxasına baxıb afişada Firəngizi görür) Firəngiz? Mən yuxumu görürəm? (Afişanı oxuyur) Firəngiz Nə’manova. Odur, amma familiyası başqadır. Düşüncələrim doğruldu, o qəlbinin qapısını başqa bir sevgiyə açmış imiş. Zəng vurulur, foyedəkilər zala daxil olur. Mirzə Teymur — (gedərkən Qəhrəmana) Sizi təbrik edirəm, Sizə xoşbəxt bir həyat dilərəm. (İstehzalı gülüşlərlə uzaqlaşır). Durna — (Bəhlula) eşitdinmi? İsmixan — (Katelnikov, Straşnov və sairələrlə Qəhrəmana yanaşıb vidalaşırlar) Sağ olun Qəhrəman yoldaş. Çıxışların bizi öz qələbəmizə inandırdı. Qəhrəman — Siz də sağ olun. Biz bu qələbədə sizin kimi yoldaşlara minnətdarıq. Gedirlər. Bəhlul — Gəl gedək, iş-işdən keçibdir. Həyatda bu cür hadisələr çox olar. Zaldan əl çalma səsləri eşidilir və bir azdan sonra Firəngizin oxumaq səsi gəlir. Qəhrəman — Odur, onun səsidir, arzularım səslənir. Mən onun bir sənətkar kimi səhnəyə çıxacağını gözləyirdim. Haman günü gördüm, lakin o mənim deyildir. Durna — Əhəmiyyət vermə Qəhrəman, mətanətini itirmə! O sənin də olmasa xalqın sənətkarıdır. Qəhrəman — Uzun illərdən bəri mənim qəlbimi quş kimi qəfəsdə məhbus edən qız! Sənin xəyalınla gecə-gündüz çalışıb əbədən yorulmadım. Ah! Eşq-məhəbbətin bu qədər acı nəticələr verəcəyini bilmirdim. (Tələsik zala daxil olur). Durna — Rüsvayçılıq! (Onun dalınca zala daxil olurlar). Dilbər — Ona acığım da gəlir, yazığım da gəlir. Qəhrəmanın nə təqsiri vardır. Vəfa və sədaqət ondan artıq olmazdı ki? Mən nə üçün qısqanıram? Firəngizlə Qəhrəmanı birinci kərə tanış edən mən özüm olmadımmı? Qəhrəman — (həyəcanla zaldan çıxır) Gözünə görsənə bilmədim, özünü şaşıra bilərdi. Dilbər — (özü-özünə) Qəlbinə bir bax. Sevgiyə və sədaqətə xəyanət edən bir qızın qeydinə qalır. Bu alicənablıq deyilmi? Bəhlul — (Durna ilə bərabər zaldan çıxıb Qəhrəmana yanaşırlar) Gəl gedək Qəhrəman, bu macəranın genişlənməsinə imkan vermə! O vəfasız çıxmışdırsa, sən nə edəsən? Qəhrəman — Yox-yox, mən ona vəfasız deyə bilmərəm, görünür ki, o da təklikdən yoruldu. Nə edim? Ah! Təbiətin nə qədər ağır, çəkilməz cəzaları var imiş. Bu cəza hansı günahın cəzasıdır? Dilbər — (diqqətlə Qəhrəmanı dinləyir və ona nəvaziş göstərməyə başlayır) Qəhrəman, yalvarıram bir qədər möhkəm ol, sən mətanətli oğlansan axı. Nə üçün özünü itirirsən? Qəhrəman — Siz gedin, mən mütləq onunla görüşməliyəm. (Zaldan «bis-bis» səsləri eşidilir, Qəhrəman sür’ətlə səhnə arxasına gəlir.) Dilbər — Qəhrəman nə edirsən, dayan! (Dalınca sür’ətlə gedir). Durna — (Bəhlul ilə bərabər onların dalınca baxır) Həyatın bu şəkli nə qədər qorxuludur. Pərdə * * * Yeddinci pərdə Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur. Birinci adam — Mühəndis dəstəsi tərəfindən (gül dəstəsini qoyur). İkinci adam — İşçi qadınlar tərəfindən. Üçüncü adam — Zavodun direktorluğu tərəfindən. Dördüncü adam — Həmkarlar ittifaqı şö’bəsindən. Gedirlər. Firəngiz — (özünü gül dəstələrinin arasında görüb şadlanır) İllərdən bəri məni məşğul edən şirin xəyallar həqiqət şəklinə keçir. Arzularım çiçəklənir. (Gül dəstələrini götürüb qoxulayır) Bunların hər birisi böyük xalqımın öz sənətkarına qarşı bəslədiyi məhəbbətin möhtəşəm bir mücəssəməsidir. Ah, bu günkü şadlıq son dörd il ərzində keçirdiyim kədərli günləri unutdura biləcəkdirmi? (Oturub tualetlə məşğul olur). Xidmətçi qadın — (daxil olur) Bir nəfər gəlib xanımla danışmaq istəyir. İcazə verirsinizmi? Firəngiz — O kimdir? Nəçidir? Xidmətçi qadın — Kimliyini söyləmədi, amma burada olan adamdır. Çox da həyəcanlıdır, görünür ki, sizinlə görüşməyə çox maraqlanır. Firəngiz — Get mənim dilimdən ona söylə ki, bağışlasın. Mən səhnə arxasında tanış qəbul edən aktrisalardan deyiləm. (Qadın gedir) Bəlkə də bir çoxları bunu özü üçün bir şöhrət hesab edir, amma mənim xoşuma gələsi iş deyildir. (Tualetini düzəltməyə başlayır). Xidmətçi qadın — (gəlir) Sizin dediklərinizi ona xəbər verdim. Cavabında dedi ki, mən onunla tanış olmağa gəlməmişəm. Onunla mühüm bir məsələ barəsində danışmağa gəlmişəm. Firəngiz — (gülümsəyir) Bir daha zəhmət çəkib ona söylə ki, mən bura məsələ həll etmək üçün gəlməmişəm. Oxumaq üçün gəlmişəm. Rica edirəm qoy mühüm məsələsini başqa bir adamla həll etsin. Xidmətçi qadın — Baş üstə! Amma çox vüqarlı adama bənzəyir. (Qadın gedir, Firəngiz özü-özünə) Bura Azərbaycandır. Tutum ki, Qəhrəman məhv olub, onun ailəsi ki, məhv olmamışdır. Onlar mənim Azərbaycana gəldiyimin birinci günündən başqaları ilə tanış olduğumu eşitsələr nə deyərlər? Qadın — (gəlir və gətirdiyi kiçik məktubu Firəngizə uzadır) Bu məktubu haman adam verdi. Firəngiz — (məktubu alıb oxuyur) Firəngiz, sənə məktub göndərən çoxdan bəri unutduğun Qəhrəmandır. Sənin Azərbaycana gəldiyini bir neçə dəqiqə bundan əvvəl eşitdim. (Həyəcanla qalxır) Bu hansı Qəhrəmandır? Gözlərimə və qulaqlarıma inanmıram. Yazı onun yazısıdır. Aman! Mən yuxumu görürəm? Bu nə dəhşətli təsadüfdür? Xidmətçi qadın — Özünüzü ələ alın, xanım! Firəngiz — Mən nə üçün onu da, özümü də cəzalandırdım? Nə üçün onun saf və səmimi sevgilərini xəyanətlə qarşıladım? Mən nə kimi bir vicdanla onun gözlərinə baxacağam? (Ağlayır). Xidmətçi qadın — Sakit olun xanım, bir az sonra səhnəyə çıxacaqsınız. Buyurun görüm, ona nə cavab verim? Firəngiz — Get ona söylə ki, xanım xahiş edir ki, bir neçə dəqiqə zəhmət çəkib gözləsin. Ona qədər siz də bir istəkan su gətirin! (Qadın gedir, Firəngiz həyəcanla otaqda dolanır). Xəzan vurmuş bir çiçəyəm lələzarımda, Bir dəhşətli külək əsir damarlarımda. Gəlib keçir nəzərimdən keçdiyim dünya Nədir məni çırpındıran dəhşətli rö’ya? Ey yer, yarılıb məni qoynuna çək! Ey ölüm, gəl məni bu həqarətli diriliyin əlindən xilas elə. (Oturub bayılır). Qadın əlində bir stəkan su gətirib Firəngizi bayılmış görüb qışqırır. Xidmətçi qadın — Fəlakət, fəlakət! Bu əsnada qapı açılır, Qəhrəmanla Dilbər daxil olur. Dilbər — (Firəngizi bayılmış görüb başını sinəsinə alır, ağlayır) Firəngiz, yalvarıram özünə gəl! Ayıl! Sənin yanında oturan Dilbərdir. Məktəb yoldaşındır. (Onu öpür və saçlarını sığallayır). Qəhrəman — (Firəngizə baxaraq) Ah, bir baxın illərdən bəri qəlbimdə böyütdüyüm sevgiyə nə ilə yekun vururam? Şair nə qədər yerində demişdir: Çox şirin görünür bizə sevgilər, Bə’zən bal içində verilir zəhər. Firəngiz — (gözlərini açıb başının üstündə Dilbəri ağlarkən görür) Ağlama Dilbər, ancaq mən ağlamaq üçün yarandım. İndi məndən də bədbəxt bir qadın yoxdur. Bilirəm sən də, Qəhrəman da qəlbinizdə mənə nifrət bəsləyirsiniz, mənə vəfasız deməyə haqqınız vardır. Qəhrəman — Elə düşünmə Firəngiz! Dünyanı titrədən böyük müharibə bizim də arzularımızı sarsıdacaq idi. Nə etmək olar? Özünü ələ al, sən bir sənətkar kimi öz xalqın üçün yaşamalısan. Firəngiz — Qəhrəman, mənim barəmdə hər cür düşünə bilərsən. Amma mən vəfasız deyiləm. Səni axtarmaq üçün 416-cı diviziyanın keçdiyi bütün ölkələri gəzdim. Nəhayət yoruldum. Sənin naməlum surətdə itdiyini xəbər alandan sonra bir il də gözlədim. Yenə də iqbal məni ikinci kərə cəzalandırdı. Nəhayət özümə bir həyat yoldaşı tapdım. Hərgah mənim kimi bədbəxti qəbul etsən sənin üçün yenə də hər şeyi ataram. Qəhrəman — Yox, Firəngiz! Bunu vicdan qəbul etməz. İkinci bir adamın cəzalanmasına razı ola bilmərəm. Sizə xoşbəxtlik dilərəm. Firəngiz — Mən heç vaxt xoşbəxt ola bilməyəcəyəm. Gərək sən məni bura çağırmayaydın, bu görüş daima mənim qəlbimdə sağalmaz bir yara olub qalacaqdır. Dilbər — (Qəhrəmana) Nə mən, nə də yoldaşlarım bunu heç bir zaman səndən gözləməzdik. Nə üçün bu məsələni məndən gizlədirdin? Mən sənə düşmən idimmi? Qəhrəman — İnan Dilbər! Burada bir şübhə vardır. Firəngiz — Burada heç bir şübhə ola bilməz, məktub redikulumdadır (çıxarıb göstərir). Qəhrəman — (məktubu alıb oxuyur) Mənim sevgilim Firəngiz! Sən azərbaycanlı bir sənətkarsan, mən çox arzu edərdim ki, vətənə gəlmək xəyalın varsa yol üstündə bizim tikdiyimiz zavodu da ziyarət edəsən. Bunu mühəndislər və işçilər kollektivi tərəfindən rica edirəm. Səni sevən Qəhrəman. Dilbər — (ayağa qalxır) Firəngiz, məni bağışla! Məsələ aydındır! (Getmək istəyir). Qəhrəman — Dayan Dilbər! Burada bir şübhə vardır. Dilbər — Rica edirəm sovet qızlarının iqbalı ilə oynama! Dilbər heç bir vaxt sənin zövqünə alət ola bilməz. Bir kərəlik bunu bilməlisən! Zaldan əl çalıb Firəngizi çağırırlar. Qəhrəman — Firəngiz, şübhə hər bir fəlakətin başlanğıcıdır. Bu həqiqəti aydınlaşdırmaq üçün çox vaxt lazımdır. Bir neçə gün burada qala bilərsinizmi? Firəngiz — Yox, Qəhrəman, məni burada saxlama, hər dəfə sənin gözlərinə baxmaq mənim vicdanım üçün böyük bir əzabdır. Mən günahkaram, mən milyonlarca sovet qızlarına qoşulub öz sevgilimi gözləməli idim. İndi isə həm səni, həm də öz e’tibarımı itirdim. Zaldan çağırırlar. Qəhrəman — Dayanma Firəngiz! Sevgimiz məhv olsa da, şirin xatirələr məhv olmayacaqdır. Firəngiz — (son dəfə onun əlini sıxır) Yalvarıram, məni nifrətlə xatırlama! (Gedir). Qəhrəman — Çətinliklər artdıqca mətanətim də artır, çalışacağam. Sevgini qazandıran qələbədir. Qoy macəraçılar şadlanmasın! (Otaqdan çıxır). Pərdə * * * Səkkizinci pərdə Mexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir. Mirzə Teymur — (Mirzə Əhmədlə bərabər gəlir) Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım? Mirzə Əhməd — Doğrusunu axtarsan gənc mühəndislər bizə yalnız işdə qazandıqları qələbə ilə deyil, öz mədəniyyətləri ilə də cavab verdilər. Bizim həsəd və inadlarımızı soyuqqanlılıqla qarşıladılar. Nə isə, şüur məhdudluğu təzə dünyanı öyrənmək üçün bizə imkan vermədi. Mirzə Teymur — Bizim kimi adamlar kimə lazımdır? Mən nələr etmədim? Nə oyunlar çıxarmadım? Nə üçün «Özümü asacağam» — deyə özümü gülünc bir hala qoydum? Doğrudan da Durna çox yerində dedi. Mirzə Əhməd — Durna nə dedi?! Mirzə Teymur — Dedi ki, Fransada nə qədər əxlaq pozğunluğu varsa yığıb gətirib bizim həyatımıza aşılamaq istəyirsən. Mirzə Əhməd — (gülür) Şeytanların biliyi də, iti dilləri də var. Dilbər üzümə dedi: «Amerikada nə qədər qabalıq və məğrurluq varsa hamısını çamadanına doldurub gətirmisən» Doğrudan da mən o qədər qabalaşdım ki, təzə həyata açılan geniş qapıdan içəri girə bilmədim. Bu əsnada Bəhlul ilə Qəhrəman əllərində portfel gəlirlər. Qəhrəman — (Mirzə Əhmədə və Mirzə Teymura) Sizi təbrik edirəm, qazandığımız qələbədə sizin də biliyiniz az rol oynamadı. Mirzə Əhməd — (boğazı tutulan bir halda) Məni utandırma oğlum. Həsəd və inad sənə olan atalıq məhəbbətimi davam etdirməyimə mane oldu. Qəhrəman — Ata! İnan sənə olan hörmət və məhəbbətim zərrə qədər azalmamışdır. Mirzə Teymur — (bir əli ilə Qəhrəmanın o biri ilə Bəhlulun əlindən tutur). Məni təhqir edin, məni töhmətləndirin, haqlısınız. Mən gərək Firəngiz barəsində səninlə Dilbərin arasında düşmənlik yaratmayaydım. Qəhrəman — Onların hamısını unudun. Xırda işlərdir. Gənclər sizi əvəz edirlər. Siz öz biliyinizi onlardan əsirgəməyin, onları ruhlandırın, sizdən tələb olunan ancaq budur. Qalanları isə unudulmuşdur. Mirzə Teymur — Təzə adamları köhnə şüur və köhnə gözlər ilə tanımaq çox çətin imiş. Qəhrəman — Buyurun sexə, komisiya sexi təhvil götürür. Gedirlər. Mirzə Teymur — Sovet adamları nə qədər nəzakətli imiş. Mirzə Əhməd — Sovet adamlarının qiymətli cəhətlərindən birisi də insanlığın qədrini bilməkdən ibarətdir. Mən bunu Amerikada görmədim. Sovet adamları hər şeydən əvvəl insanları düzəltməyə çalışırmışlar. İslah etmək istəyirlər. Durna ilə Dilbər əllərində portfel gəlirlər. Durna — Salam! Bizim əziz müəllimlərimiz bu qələbə münasibətilə sizi təbrik edirik. (Onların əllərini sıxırlar). Mirzə Əhməd — Qızım, elə bir söz söylə ki, mənim vicdanım sakit olsun, məni bağışla! Sənə atalıq etmədim. Mirzə Teymur — Durna xanım, Dilbər xanım, mənim günahımdan keçin! Durna xanım, sənə çox əziyyət verdim. Dilbər xanım, səni Qəhrəmanla döyüşdürmək üçün yazıb Firəngizi buraya gətirtdim. Günahımdan keçin! Dilbər — Əmin olun ki, bu qələbə şəxsi işlərin hamısını unutdurdu. Sovet gəncliyi intiqamçılıq ruhu ilə tərbiyə olunmamışdır. Durna — (Mirzə Teymurun əlindən tutur) Siz də məni bağışlayın. Güllü nənənin çıxardığı oyunlara mən səbəb olmuşam. (Mirzə Teymurun qolundan tutub aparır). Səhnə boş qalır, Güllü ilə Nəsir görünür. Güllü — (Nəsirə) Səndən çox təvəqqə edirəm ki, belə-belə yerlərdə özünü yaxşı aparasan. Bir sözü ağzında bişirməmiş danışma. Nəsir — Mən də səndən çox təvəqqə edirəm ki, mənə nəsihət vermə. İndi mən sən fikirləşdiyin kişilərdən deyiləm. Güllü — Nə oldu? Nəsihət verəndə nə olar? Mən də indi sən düşündüyün Güllü deyiləm, adlı-sanlı bir qadınam. Bəs belə ha, hələ ZAGS-a getməmişdən mənim ağzımı qapamaq istəyirsən? Nəsir — Ay qız, nə üçün məni anlamaq istəmirsən? Elin arasında bir qayda var ya yox? Güllü — Nə qayda var? Nəsir — Arvadın kişiyə nəsihət verməsi kişinin əskikliyidir. Güllü — Qadam o kişinin ağzına dəysin ki, nəsihəti əskiklik hesab edir. Nəsir — İndi ki, söz açıldı, mən də sənə deyirəm, özünü bir qədər yaxşı apar. Acığın gəlməsin, bir qədər açıqsan. Qadın olduğunu unutma! Raykom katibi — (direktor və mühəndislər ilə bərabər sexdən çıxırlar, işçilər sexin qarşısına toplanırlar). Əziz yoldaşlar! Hörmətli mütəxəssislər! Sizin sosializm yarışında qazandığınız bu tarixi qələbəni təbrik edirəm. Mexaniki sexin vaxtından çox əvvəl istifadəyə verilməsi bizə böyük bir müjdənin xəbərini verir. Bununla biz inanırıq ki, bu namuslu kollektiv müharibədən sonrakı beşilliyi dörd ildə vaxtından əvvəl bitirə biləcəkdir. (Hamının əlini sıxır). Direktor — Qəbul komisiyonu görülən işin uca bir keyfiyyət daşıdığını qeyd etməklə bizi sevindirdi. Hamı əl çalır. Katib — Əziz yoldaşlar, sexdən gələn dəzgah səslərini böyük iftixarla dinləyin! Bu səslər qələbə bayramının simfoniyasını tərənnüm etdirir. Daşlı və qumlu bir çöldə ucalan bu gigant, xalqımızın dühasına məxsus mö’cüzənin əzəmətli bir heykəlidir. Bu heykəl Amerika və Avropa üstünlüyünə səcdə edənlərə qarşı qəti bir cavabdır. Musiqi çalırlar. Direktor — (Mühəndislərə) Yoldaşlar, nə qədər ki, kolxozlardan çağırılan qonaqlar gəlməmişdir, siz mükafata təqdim ediləcəklərin siyahısını hazırlayın! Qəhrəman — Siyahı hazırdır, icazə verin mühəndis Dilbər oxusun. Mirzə Teymur — (irəli keçir) Möhtərəm katib, hörmətli direktor, icazə verin böyük zəhmət ordusunun qarşısında öz günahlarımı boynuma götürüm. Direktor — Buyurun mirzə, sizin nə kimi bir günahınız ola bilər? Mirzə Teymur — Biz elə bilirdik ki, gənc mütəxəssislər mexaniki sexi vaxtından əvvəl deyil, vaxtından sonra da bitirə bilməyəcəklər. Sovet mütəxəssislərinin bu qələbəsi mənim şüurumda olan köhnə fikirləri darmadağın etdi. Mən burada gördüyüm bacarığı və sovet adamlarında gördüyüm mədəniyyəti Avropada görməmişdim. Mirzə Əhməd — Mən sovet dünyasına iki gənc mütəxəssis vermişəm, birisi Dilbər, o birisi də Qəhrəmandır. Lakin onların bu böyük vəzifənin öhdəsindən gələ biləcəklərinə inanmırdım. İndi isə onlar məni utandırdı. Gənclərdə polad iradə varmış. Mən belə bir məmləkətdə yaşadığıma iftixar edirəm. Mirzə Teymur — Sosializm mədəniyyətilə tərbiyə olunmuş sovet adamları dünyada ən nəzakətli adamlardır. Bunu mən öz həyatımda sınaqdan çıxardım. Katib — Mən elə zənn edirəm, siz mirzə teymurlar və mirzə əhmədlər təzə dünyanı qurmaq işində yenə də dəyərli işlər görə bilərsiniz. Siz inanın, sovet gəncliyindən hörmətdən başqa bir şey görə bilməyəcəksiniz. Mirzə Əhməd — Artıq biz buna inanırıq. Biz yaşımızın çoxluğuna baxmayaraq təzədən doğulduq. İçində olduğumuz həyat bizim şüurumuzu təmizlədi. Katib və direktor işçilərin və mühəndislərin əllərini sıxırlar. Nəsir — (direktorun əlini sıxır) Bağışla yoldaş direktor, sizə bir müxtəsər sözüm var. Direktor — Buyur Nəsir dayı! Nəsir — Mən öz gələcək həyat yoldaşım Güllü barəsində danışmaq istəyirdim. Direktor — Güllü xanımı mükafatlandırırıq, həm də onu kursa göndəririk. Nəsir — Bu olmadı ki, bu gün sabah mənim toyumdur, bir tərəfdən də gəlini kursa göndərirsiniz. (Həyəcanla) Deyəsən mən Bakıya getməli olacağam. Güllü — Nəsir, eyibdir, bir qədər özünü ələ al. Adlı-sanlı işçiləri kursa göndərirlər. Kursa getməklə səni atmıram ki, yenə qayıdıb gələcəyəm. Nəsir — Güllü, həyatımı da kəbininə salıram, əmanət kassasında olan pullarım da sənin olsun, gəl bu daşı ətəyindən tök. Güllü — Dünyanı mənə versən də gedəcəyəm. İndi ki, hökumət və partiya bizi adam etmək istəyir, heç kəs mənə mane ola bilməz. Dilbər — Ay Nəsir dayı, sən həmişə iddia edirsən ki, mən təzə adamam. Təzə adam da öz qadınının oxuyub sənətkar olmasına mane ola bilərmi? Nəsir — Ay Dilbər xanım, təzə adamda ürək olmazmı? Mənim də arzum var axı, niyə mənim toyumu yasa döndərirsiniz? Durna — Yaxşı, Nəsir dayı, səbr elə bu məsələni sonra həll edərik. Hələ vacib işimiz çoxdur. Qəhrəman — (məclisə) İcazə verin Dilbər siyahını oxusun. Dilbər — Staxanovçulardan İsmixan Rəhimov, özü köhnə çobandır. Nəsir — Yoldaşın fəaliyyətinə heç bir söz ola bilməz. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu. Güllü — (onun ətəyindən dartır) Sənə yüz kərə demişəm ki, hər işdə yuyulmamış qaşıq kimi özünü aralığa soxma. Dilbər — Nəsir dayı, səbr elə, siyahını çərkə ilə oxuyacağam. Güllü — (Nəsirə) eşitdin ki? Nəsir — Sən qoyacaqsan mən ad-san qazanım ya yox? Hamı gülür. Dilbər — Mexaniklərdən Katelnikov yoldaş. Nəsir — Belə ha, ləyaqətli yoldaşdır. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu. Güllü — Sən qoyacaqsan xalq işini görsün? Nəsir — (acıqlı) Sən də qoyacaqsan mən özümü irəli çəkim? Dilbər — Straşnov yoldaş. Nəsir — Əvəzsiz bir yoldaşdır. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu. Dilbər — Staxanovçu qadınlardan Səlmə xanım! Nəsir — (məclisə) Elmi-şəmə mə’lum şod. Bu ki, lap ağ oldu. Başı papaqlılar burada dura-dura çarqadlıları irəli çəkirlər. Yox, bu işdən yaxşı qoxu gəlmir. Dilbər — Güllü nənə! Nəsir — (direktora) Mühəndislər qadın olduğu üçün qadınları irəli çəkirlər, niyə bizim qeydimizə qalmırsınız? Evin kişisi burda dura-dura evin arvadını irəli çəkmək düzgün deyil axı! Dilbər — Nəsir dayı, niyə əsəbiləşirsən? Hələ bir çoxlarının adı oxunmamışdır. Sənin də adın vardır. Qəhrəman — Sən normanı 140 faiz doldurursan. Səni unutmaq olarmı? Nəsir — Ay camaat, bunlar nə üçün məni anlamır? Axı bu zalımın qızı ilə bir damın altında yaşayacağam. Siz ki, onun adını məndən irəli salırsınız, həmişə dili uzun olacaq. Bəhlul — (Dilbərə) Dilbər, Nəsir dayı doğru deyir. Burada bir qədər qərəz işlənibdir. Gülürlər. Nəsir — Belə ha, kişi oğlusan. (Papağını göstərir) Papağın qeyrətini çəkən oğlansan. Direktor — Nəsir dayının könlü necə istəyirsə elə də edin! Katib — Mirzə Teymur və Mirzə Əhmədi də qeyd etmək lazımdır. Dilbər — Hər ikisi qeyd olunmuşdur. Mirzə Teymur — (irəli keçir) Rica edirəm məni utandırmayın, mən mükafata layiq adam deyiləm. Ancaq bir xahişim var. Qoy gənc mühəndislər məni öz sıralarından uzaqlaşdırmasınlar. Onlar bundan sonra burada tamamilə başqa bir Mirzə Teymur görəcəklər. Bəhlul — Mirzə, inanın, gənc mütəxəssislər sizə hörmət bəsləyib yenə də bəsləyəcəkdir. Mirzə Əhməd — Bizim günahımız silinməz bir günahdır, çünki biz sovet gəncliyinə çox ucadan baxdıq. Bizi cəzadan qurtaracaq bir cəhət varsa o da sovet adamlarının alicənablığıdır. Bizi öz çərkələrinizdə saxlayın, hələ işləməyə qüvvətimiz var. Hamı əl çalır. Baş mühəndis — (Durna, Bəhlul, Qəhrəman və Dilbəri aralığa çəkir). Yoldaş katib, mən birinci gündən bunların bacarığına inandım, bu günkü qələbə göstərdi ki, mən öz zənnimdə yanılmamışam. Direktor — Bu yoldaşları da başqa mühəndislərlə bərabər ali mükafata təqdim edəcəyəm. Əl çalırlar, musiqi tərənnüm edir. Dilbər — (gəlib Qəhrəmanın əlini sıxır). Səni ürəkdən təbrik edirəm. Adın da Qəhrəmandır, işdə də qəhrəmanlıq göstərdin! Qəhrəman — Çox razıyam Dilbər! Ümid edirəm ki, sən də bu əli məndən almayacaqsan. Dilbər gözlərini ayaqlarına dikib utanır. Durna — (yavaşdan) Dilbər, daha nəyi düşünürsən? Cavab versənə! Mirzə Əhməd — (gəlib Qəhrəmanı və sonra Dilbəri öpür) Qızım, mən Qəhrəmanla barışdım, sən özün bilərsən. Dilbər — (gözlərini qaldırıb Qəhrəmana baxır) Qəlbimi də bu əlin üstünə qoyub sənə tapşırıram. Əl çalırlar. Durna — (Bəhlulun əlini sıxır) Sənə də böyük müvəffəqiyyətlər diləyirəm. Bəhlul — O sənin bir sözündən asılıdır. Durna — Söz verirəm. Mirzə Teymur — (gəlib Durnanın əlini sıxır) Xoşbəxt olun! Mən səhvlərimi boynuma alıram. Mən axmaqcasına, öz xoşbəxtliyimi gənc bir qızın bədbəxtliyi üzərində qurmaq istəyirdim. Nəsir — (məclisə) Burada hamı xoşbəxtdir, hamı öz işini düzəltdi, bədbəxt olan mən oldum, bu gün-sabah xeyir işim baş tutacaq idi. Göyərçinimi götürüb kursa göndərirlər. Heç dəxli var? Direktor — İndi çalıb, oynayın! Gələcək mübarizə marten sobalarının montajı üzərində gedəcəkdir. Hamı — Söz veririk yoldaş direktor. Musiqi çalınır, Güllü Dilbərlə Durnanı aralığa çəkir. Güllü — Dayanmaq nə lazımdır? Vətən rəqsi, Azərbaycan rəqsi! Dilbər və Durna oynayır. Qəhrəman — (İsmixana) Ay İsmixan, mən ölüm bir çoban bayatısı! İsmixan — Sən niyə ölürsən, qoy sənin düşmənin ölsün. (Oxuyur) Ceyran gəzər daş üstə Telin düzər qaş üstə, Ay qız məndən incimə Hər nə desən baş üstə. Qarabağda bağ olmaz, Sarı çiçək ağ olmaz, Qonşuda qız sevənin Ürəyində yağ olmaz! Səslər — Sağ ol İsmixan! Bəhlul — Güllü nənə, portfel rəqsi! Hamı — Portfel rəqsi, portfel rəqsi! Dilbər — Nəsir dayı, niyə dayanmısan? Nəsir — Nəsirdə Nəsirlik qoydunuz ki? Güllü — (Onun qolundan tutub aralığa çəkir) Gəl görək, necə ili dözən, bir neçə ay da dözər. (Nəsir portfeli götürüb rəqs etməyə başlayır, nəhayət Güllü onun əlindən portfeli alıb deyir). Necə illərdir portfel dalında başını gizlədin bəsdir. İndi işləmək lazımdır. Mürid kişi — (Kolxozçularla bərabər gəlir) Sumqayıt! Sumqayıt! Bu mö’cüzələri kim yaratdı? Kimin ağlına gələrdi? Qumlu bir səhrada təzə bir dünya yaranacağına kim inanardı? Qəhrəman — (Bəhlul ilə bərabər onu qarşılayırlar) Mürid baba, gördüyünüz bu təzə dünyanı yaradan gənclərdir. Sizin vətəninizdə mö’cüzələr yaradan Kommunist partiyasıdır. Mürid kişi — (onları öpür) Yaradın balalarım! Sizi yaradan təbiətə, sizi tərbiyə edən partiyaya və hökumətə eşq olsun! Yeni dünyanın quruçularına eşq olsun! Katib — (kolxozçulara) Xoş gəlmisiniz əziz kolxozçular. Bu qələbə münasibətilə sizi də təbrik edirəm. Sizin həqir daxmalarınızın yerində möhtəşəm bir şəhər yaradılmaqdadır. Güllü — Yaxşı gəlmisiniz ay Xırda xanım, ay qız Göyçə, niyə bu tərəflərdə görünmürsünüz? Nazlı xanım, gəl bir səni öpüm, Cavahir, həmişə yadımdasan. (Hamısı ilə öpüşüb görüşür). Nəsir — (Əliqulunu qucaqlayıb öpür) Kolxozda nə var, nə yox? Mənim işim çox yaxşıdır. Medalım da var. Özümü də indicə mükafata yazıblar. Güllü də staxanovçudur. Qəhrəman — (kolxozçulara) Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Bayquş səslərinin yerində zavodların fitlərini eşidirsiniz, dəzgahların səsi sizi salamlayır, minlərcə elektrik lampaları sizin yurdunuzu işıqlandırır. Təzə və mədəni həyat sizi öz qucağına alır. Bu axşam sizinlə bir süfrədə bu bayramın təntənəsini keçirəcəyik. (Hamısı ilə görüşür.) Güllü — (Dilbər və Durnanı kolxozçu gəlinlərə göstərir) Bunlar da mühəndislərdir. Canlara dəyən qızlardır. Kolxozçu qadın və qızlar onları qucaqlayıb öpürlər. Katib — (kolxozçulara) Əziz yoldaşlar, indi də gedək təzə tikintilərə tamaşa edin. Pərdə musiqi tərənələrilə enir. * * * Kitabxana.az · https://kitabxana.az/authors/ordubadi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.