Qul Qaranı. Əsərləri Qul Qaranı (1750–?) == Qoşmalar == Ay ağa səni Ərş üzündə pərvaz edən buludlar, Gözlərim oxşatdı ay ağa səni. Hər qətrəsi tutar bir əzim mələk, Əmirsiz qoymazlar ay ağa səni. Müşkül olsa, həkim atar nəxandan, Qorxum yoxdur nə sultandan, nə xandan, Mələkülmövt bir gün tutar yaxandan, Qoymaz ki, qalxasan ayağa səni. Cəhd eylə, Qərani, qıl beş vaxtını, Günahkar olarsan, tərk et taxtını, Soyarlar əynindən tacı-taxtını, Yuyarlar, bükərlər ay aga səni. * * * Gülgəz (Qaranı) Başına döndüyüm, qurvan olduğum, Yoxdu sənin kimi, yaxası Gülgəz. Alışıb oduna büryan olduğum, Olarmı sənintək həvəsi Gülgəz. Can qurban eylərəm o uca boya, Gözəllik yaraşır qamətə, soya, Bəzəkli-düzəkli aparam toya, Yoxdur sənin təki sonası, Gülgəz. Qaranıyam, oxumadım hecəmi, Yuxum gəlmir, yatammıram gecəmi, Çox gəzdim dünyanı, Azərbaycanı, Öldürür qaşların qarası, Gülgəz. (Ağbabalı İsgəndərin variantı) * * * == Divanilər == Nöycavan Gəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan, Həsrətəm didarına, çəkirəm ah nöycavan, Nə müddətdir yolçusuyam, gözlərəm yollarını, Axşamlar zarı qıllam, taki sabah nöycavan. Bad əsdi, gül üzündən qalxdı niqab, ey nigar, Dağıldı könlüm qübarı, hüsnünə qıldım nəzər, Məni edib, məbus yaradıb, camalın pərvərdigar, Saxlasın cümlə bəladan cəni Allah, nöycavan. Qaranını mehman eylə otağına sazınan, Üz sürtüb qədəmlərini bus edim peşvaznan. Soyunub alsan qoynuna aşığı min nazınan, Açılaydı üstümüzə taki sabah, nöycavan. Məhəmməd Hüseynqulu oğlunun variantı * * * == Deyişmələr == Bax (Qaranı) Qul Qaranı: Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax, Hər sabah tezdən ərşə çəkilən ol karvana bax. Dəryada mah, yerdə murğu, hamı onun əmrindədi, Dünya heç kəsə qalmadı, hanı, Süleymana bax. Xəstə Hasan: Bizi yoxdan var eyləyən ol Tanrı sübhana bax, Abı, ataş, xaki, baddan xəlq olan insana bax. Adəmi sakin eylədi cənnəti İrizvana, Onların qəsdi-qərəzi ol ləin şeytana bax. Qul Qaranı: İbrahim ki, İsmayılı apardı Ərəfətə, Dedi: Ata, qolum bağla, sallam səni əzyətə. Xışmla bıçağı çəkdi ol Həcərül Əsfətə, Kim göndərdi, kim gətirdi ol qoçu qurbana bax! Xəstə Hasan: Hax taladan nida gəldi, “İncil” endi İsaya, “Zabur” Davuda verildi, abu “Tövrat” Musaya. Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilisaya, Məhəmmədin hümmətinə oxunan Qurana bax! (Aşıq İsgəndər Ağbabalı variantı) * * * Qara hey Qul Qaranı: Əlif-bey içində, hərf arasında, Bir xət gördüm, çəkilibdi qara hey! Əziziyəm, qara hey! Qış gəldi bax, qara hey. Qaradan boyax olmaz, Boyanıbdı qara, hey! Namərd seyraqubun bafası olmaz, Dolanar dünyanı üzü qara hey! Xəstə Hasan: Aləm bilir bu dünya da beş gündü, Mən bilirəm beşini də qara hey! Əziziyəm qara, hey! Oxu dərsin qara, hey! Əzəlindən kim çalıb, Ağ üstündən qara hey?! Sağlıq xəbərimi yara versələr, Dost sevinər, düşmən geyər qara hey! Qul Qaranı: Üstümüzdə kərəm kanı bir dura, Dəvət eylə, dostun minsin bir dura. Əziziyəm, bir dura. Bir yeriyə, bir dura. Sərraf odur, dür seçə, Qiymət vura bir dura. Əliyyən Mürtəza mindi bir dura, Qabağında sarvanıydı Qara hey! Xəstə Hasan: Xəstə düşdüm, döşək üstə dər saldım, Cəfa çəkdim, dünya üçün dər saldım. Əziziyəm, dərs aldım, Eşiyinə dər saldım. Eşitdim seyraqub gəlir, Onun üçün dər saldım. Əqli kamil ustadımdan dərs aldım, Oxumuşam əlif, əbcət, qara hey! Qul Qaranı: Haqq əmr etdi inli-cinni yaransın, Əyyub sağlığında gördü yarasın. Əziziyəm, yarı sin. Yarı mimdi, yarı sin. Cismimi ataş aldı, Qırağında yar, isin. Qaranı der: Şavatçıyam, ya Rəsul. Cünahkarlar gələr üzü qara hey! Xəstə Hasan: Bizlərdə qaydadı, yara deməzlər, Yarın sirrin əğyara deməzlər. Əzizyəm, yara deməzlər, Yarı yara deməzlər. Axır həsrət ölərəm, Dərdi yara deməzlər. Xəstənin dərdini yara deməzlər, Görər məzarımı, geyər qara hey! (Aşıq İslam Ərdənər variantı) * * * Ver xəbər (Qaranı) Qul Qaranı: Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər, Səkkiz cənnət əzizi o kimlərdən ver xəbər. O kimdi, hüllə biçir insanın sifətinə? Doqquz bağa su bağlayan o bağmandan ver xəbər. Xəstə Hasan: Bizi yoxdan var eyləyən ol sübhandan al xəbər, Səkkiz cənnət əzizi o kimlərdən al xəbər. İdrisdir, hüllə biçir insanın sifətinə, Doqquz bağa su bağlayan o bağmandan al xəbər. Qul Qaranı: Dinlərdən hansı əzizdi, mən tutmuşam adını? Əngiddə kimlər gördü Əzrayılın cəngini? O kim idi, iki yol gördü ana rəhnini? Məkanı bu məkanın bil, o bir cannan ver xəbər? Xəstə Hasan: Məhəmmədin dini əzizdi, mən tutmuşam o dini, Qabil öldürdü Habili, gördü Əzrailin zəhmini. Həzrət Yunus iki yol gördü ana rəhnini, Məkanı ümman məkanı, ol cannan al xəbər. Qul Qaranı: Qaranı ana ilə buldu bir-birini.?????? O kimiydi, kəndi əliynən kəndi kəsdi sərini? O kim idi, atasız gəldi dünyaya, əmdi ana şirini? O ki nədən xəlq olubdu, ol divandan ver xəbər? Xəstə Hasan: Xəstə Hasan ana ilə buldu bir-birini, Əzraildir, kəndi əliynən kəndi kəsər sərini. Həzrət İsa atasız gəldi, əmdi ana şirini, O ki, nurdan xəlq olunub ol divandan ol xəbər. (Məhəmməd Hüseynqulu oğlu variantı) * * * Kitabxana.az · https://kitabxana.az/authors/qul-qarani İctimai mülkiyyət. Public domain. Original text only.