Rəşid bəy Əfəndiyev. Əsərləri Rəşid bəy Əfəndiyev (1863–1942) Taxıl bitkiləri Çəltik deyir: Taxılların başıyam, Döyülməmiş naşıyam. Pullunun plovuyam, Kasıbların aşıyam. Buğda deyir: Mənə buğda deyərlər; Çörək yapıb yeyərlər. Hər gün məni yeməyi Halvatək istəyərlər. Darı deyir: Darıyam xaşxaş kimi, Buğdaya qardaş kimi, Buğdasız, təkcə məndən Çörək bişər daş kimi... * * * Ağlağan uşaq Ey balam! Sən neçün yatmayırsan? Hər zaman ah edib ağlayırsan? Yuxlamış, gün batıb, rahat olmuş, Hər kəsə bu yuxu adət olmuş. Ol zaman gördülər gün batıbdır, Quşlar öz mənzilində yatıbdır. Həm toyuq, həm cücə, həm xoruzlar, Həm böyük, həm kiçik indi yuxular. Sən dəy yat, ey quzum, rahat olgil, Yuxlamaq adama nəfdir, bil! Yum gözün, ağlama, etmə şıltaq, Kəs səsin, dincin al, Allaha bax! * * * Ay qurd Getdin gördün quzu, Neyləyirsən istiotu, duzu? Ye, qalsın iki buynuzu. Getdin gördün qoyun, Neyləyirsən oyun-moyun? Ye, qalsın quruca boyun. Getdin gördün camış, Neyləyirsən torpağını, umuş? Ye, yanında da dumuş. Getdin gördün at, Neyləyirsən kağız, barat? Ye, yanında da yat. * * * Durna Ey havada uçan durna, Bizi qoyub qaçan durna, Get, xoş gəldin, səfa gəldin, Gələcəksən haçan, durna? Göy çəməndə gəzən durna, Su üstündə süzən durna, Gəl, bir gözüm görsün səni, Al, yaşıla bəzən, durna! Getmə-getmə, gözüm durna! Sənə var bir sözüm durna! Sən gedəndə necə sənin Həsrətinə dözüm durna?! * * * İlin fəsilləri dörddür Qar gedər, yer açılar, Göydən yağış saçılar, Bil, bu hansı fəsildir, Çəmən, çiçək açılar? Quşlar bala balalar, Maldar ot, ələf çalar, Bil, bu hansı fəsildir, Sünbül, çıxar dən alar? Meyvə dəyib dərilər, Xırman, taxıl döyülər, Bil, bu hansı fəsildir, Aləm behiştə dönər? Qar aləmi ağardar, Xalq malın dama salar, Bil, bu hansı fəsildir, Hər evdə ocaq yanar? * * * Ana laylası Balama çalsa layla bülbüllər, Balamı bəsləsə qızılgüllər, Göydən enmiş mələk gəlib yanıma, Balama söyləsə şirin dillər: – Qoy anan da yazıqdı yatsın, gəl, Yat balam, yat quzum, bir az dincəl. Ciyərim parəsi, gözüm nuru, Dərdimin sən əlacı-məşhuru, Qulluğunda anan pərəstardır, Söyləyir cənnət içrə hər huri: – Qoy anan da yazıqdı yatsın, gəl, Yat balam, yat qızım, bir az, dincəl. Yaşa, böyülən sağ ol, cavan canım, İgid ol, ərsəyə gəl, oğlanım, Oxu, ol millətin pərəstarı, İndi yat, yuxula dərdə dərmanım: – Qoy anan da yazıqdı yatsın, gəl, Yat balam, yat quzum, bir az dincəl. Aqil ol, çat kamala, ey oğlum, Alim ol, elmi-hala, ey oğlum, Mərifət məktəbində xoşbəxt ol, Uğrama heç zəvala, ey oğlum: – Qoy anan da yazıqdı yatsın, gəl, Yat balam, yat quzum, bir az dincəl. * * * Qırqovul Qırqovul nə gözəl quşdu, Biri bir gün göldən uçdu, Camalına gözüm düşdü, İstədim onu səsləyim, Qaçma, səni gəl, bəsləyim. Qırqovulum halal heyvan, Boynu, başı, döşü əlvan, Dağda, daşda gəzmə çəndan, İstədim onu səsləyim, Qaçma, səni gəl, bəsləyim. Qırqovulum cüt-cüt gəzər, Dağı, düzü hüsnü bəzər, Yerdə səkər, göydə süzər, İstədim onu bəsləyim, Qaçma, səni gəl, bəsləyim. * * * Yağış Yağış gəlir yağa-yağa, Ya rəb, yağa bizim bağa, Yeri doyunca içirə, Çəmən gələ düzə, dağa. Ey aləmin canı yağış, Yağ, islat dünyanı, yağış! Hava hərdəm gözəlləşə, Aça çiçək çəmən, meşə, Yağmur yağıb günəş doğa, Çıxa əkinçilər işə, Ey aləmin canı yağış, Yağ, islat aləmi, yağış! Bostançılar, əkinçilər, Yaz olanda yağış dilər. Yerə, yurda toxum saçar, Meyvəsinin qədrin bilər. Ey aləmin canı yağış, Yağ, islat dünyanı, yağış! Əkin Allah süfrəsidir, Taxıl qeybi xəzinəsidir. Öküz, kotan, mala, toxum, Xəlqə ruzi təknəsidir. Ey aləmin canı yağış, Yağ, islat dünyanı, yağış! * * * Kitabxana.az · https://kitabxana.az/authors/resid-efendiyev İctimai mülkiyyət (müəllifin vəfat ili: 1942). Public domain (author died 1942). Original text only.