Salman Mümtaz. Əsərləri Salman Mümtaz (1884–1941) == Azərbaycan ədəbiyyatı == Başlanğıc Azərbaycan ədəbiyyatının bütün nöqtələri qaranlıqda qaldığı kimi, XII və XIII əsrlərdə də min dürlü əmək və məşəqqətlərlə əmələ gətirilmiş ədəbiyyatımız, demək olar ki, tamamilə qara dumanlar altında qalmışdır. Məndən qabaq gələn yazıçılarımız ədəbiyyatımız üçün az-çox feyzli olan o qanlı əsrlərin müməssillərindən, yarı-yarımçıq da olsa, yalnız bizə Vaqif ilə Vidadini göstərə bilmişlər. Halbuki istər onlardan qabaq, istər onlar ilə bir əsrdə yaşayaraq, doğma ədəbiyyatımızı çiçəkləndirən bir çox adlı-sanlı başqa şairlərimiz olmuşdur ki, Azərbaycan məhfəli-ədəbiyyəsində onların da özlərinə görə bir mövqei-məxsusi an vardır. Bununla bərabər, Vaqifilə Vidadi XII deyil, XII əsr hicrinin sonu ilə XIII əsrin əvvəllərini dərk etmiş şairlərimizdəndir. Onları mütləq XII əsrin şairləri saymaq doğru deyildir. Məhəmməd bəy Cavanşirin buyruğu ilə başı öz doğma və istəkli oğlu Əli ağanın başı ilə biryerdə kəsilən bədbəxt Molla Pənah Vaqifin tarixi-qətli 1212-də olduğu kimi, Vidadinin tarixi-vəfatı da ondan çox-çox sonradır. VIII və IX əsri-hicridə ədəbiyyatımızın yaradılması üçün könüldən çalışaraq, azərbaycanlılann adını göylərə qədər yüksəldən və onların varlığım dünyanın hər bir guşəsinə yetişdirən Nəsimi, Həbibi, Xətai və Füzulilərin münur ilə hər hankı səbəblərdən dolayı isə unudulmuş giranbəha şeirlərini səhnci-mətbuatımıza çıxardığını bir zamanda XII və XIII əsrlərdən də bəhs etməyim lazım, həm də vacibdir. Çünki Vaqifilə Füzuli, Xətai, Həbibi, Nəsimi və Nəsimidən daha neçə əsr qabaqca gəlmiş şairlərimizin aralarında sənətkar əlləri ilə işlənilib, uzadılan o silsileyi-şerin zərif və zərrin həlqələri artıq bir-birilərindən ayrılmış və daha doğrusu, qırılıb tökülmüşdür. O silsiləni qurmaq və o qırılan ədəbi zəncirləri gözəl bir surətdə bir-birilərinə bitişdirmək üçün iki alın cəbhədə də çalışmalıyam. Yəni XIII əsrdən XII-yə, XII-dən də VIII-yə qədər geri çəkilməliyəm. Eyni zamanda Nəsimi əsri olan VIII əsrdə də dayanmayaraq, bizim üçün türkcə, farsca yadigarlar, ərməğanlar buraxıb gedən böyük və ulu Azərbaycan qam (filosof) və bilgə (həkim)lərinin özləri ilə bərabər, şahkar əsərlərini də tapıb meydana çıxarmalıyam. Çünki onlar tapılmayıb və əsərləri müəyyən edilmədikcə Azərbaycan tarixi-ədəbiyyatı könlümüzün istədiyi kimi araya çıxmayacaqdır ki, bu da ədəbiyyatımız üçün olduqca böyük bir nöqsan və açıqlıq təşkil edəcəkdir. Mütəxəssis olmadığım halda, iyirmi beş ildən bəri etdiyim səmimi tətəbböat və tədqiqat sayəsində az-çox müvəffəqiyyətim olmuşdur və hala gələcək müvəffəqiyyətlərimdən də bir o qədər naümid deyiləm. Söz yox ki, qaraladığım sətirlərdə hörmətli oxucularımı qane etməyəcək bəzi nöqtələr də olacaqdır. Onlar bu qüsuru məndən yox, taleyimizdən görməlidirlər. Başqa millətlərdə, hər hansı mövzularda olursa-olsun, bir kiçik əsər yazmaq həvəsinə düşən müəlliflər üçün minlərcə məxəzlər, qəzetə və jurnallar tapılır. Amma mən yaxşı-yaman qaraladığım bu cızma-qaranı heçdən meydana qoyuram. Məxəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıq-mırıq yarpaqlar və darmadağın cünglər və bəyazlardır. Qaynaq, mənbə istoçnikiərim isə uçuq-yıxıq qəbir daşlan ilə səqfı çökmüş məscid tağları olmuşdur. İstifadə etdiyim qəzetə və jurnallar da qoca kişilərin və çox yaşamış qadınların hafizələri və hövsələləridir. Məndən qabaq gələn mühərrirlərdən bu yolda bir hazırlıq görən olsa idi, şəksiz, mən bir bu qədər də çətinliyə uğramazdım. Tarixi-ədəbiyyatımızı meydana çıxarmaq imkan xaricində olduğu üçündür ki, bu günə kimi yaxşı-yaman bir əsər belə araya çıxmamışdır. Atalar “Varın verən utanmaz” demişlər. Odur ki, mən də bu günə kimi toplaya bildiyim əlyazılarını “Azərbaycan ədəbiyyatı” adı ilə hələlik kiçik kitablar şəklində təb və nəşr etməyə qərar verdim. Zənnimcə, hiss edilən açıqlıq, tamamilə olmasa da, qismən doldurulmuş olacaqdır. Bu kiçik kitablar ilə ədəbiyyat maraqlılarına olan mənəvi borcumun cüzi bir qismini əda edə bilərsəm, özümü bəxtiyar hesab edəcəyəm. * * * Ağa Məsih Şirvani Sədaq oxu kimi kəci-təb’lər tutmuş nəzər gahi, Olar kim, doğrudur, əgri qılınc tək yanda qalmışdır. XII əsri-hicridə, yəni miladi XVIII əsrdə yaşayan bərgüzidə şairlərimizin biri də Ağa Məsihdir. Ağa Məsih azərbaycanlılar üçün Şiraz mənzələsində bulunan Şamaxı şəhərindəndir. “Soltan Dədə Günəş” sülaləsinə mənsub olan bu adlı-sanlı şairimizin adı Məsih, atasının adı Məhəmməd, təxəllüsü də həman adından əxz olunmuş Məsihdir ki, xalq arasında Ağa Məsih adı ilə məruf və məşhur idi. Məhəmməd Kaşan və İsfahan şəhərlərindən tirmə, əbrə və sair arşın malı gətirib satdığı üçün əhali arasında Sövdagər Məhəmməd ləqəbi ilə tanınmış idi. Ağa Məsihin hansı tarixdə dünyaya gəldiyi məlum deyilsə də, Nadir şah ilə müasir olduğu müəyyən edilmişdir. 1155 sənei-hicriyyəsində Şahzadə Nəsrullah mirzə Şirvan və Ağsu qalasını Nadir şahın əmri ilə alıb, şamaxılıları Ağsuya köçürdüyü zaman Ağa Məsihin gənclik zamanı idi. Həyatı-xüsusiyyəsindən tamamilə bixəbər olduğum bu gözəl şairimiz Möhtəşəm Kaşani və Raci Təbrizi kimi ticarət, həm də ədəbiyyat ilə məşğul olurdu. Ticarəti ısə həman atası Sövdagər Məhəmmədin peşəsi olan sövdəgərlik, arşınçılıq idi. Bununla belə, Ağa Məsih siyasət ilə maraqlanan, hökumətə yaxın və xatiri ricali-hökumət yanında əziz tutulan bir zat idi. Ağa Məsih öz həmşəhrilərindən Nişat və Zülali ilə müasir, həm də dost idi. Hələ Nişatı özünə ustad intixab etdiyindən, ilk yazdığı şeirlərində də əvvəl Füzuliyə və sonra ona peyrəvilik etmişdir. Təəssüf olsun ki, Nişat, Məsih və Zülali aralarında vaqe olan müşairələrdən bu gün əlimizdə yalnız bircə məclis qala bilmişdir ki, bundan və digər bir təxmisdən Nişatın pişva və Məsih ilə Zülalinin ona peyru olmaları gözə çarpmadadır: Nişat: Şuri-cünun aşiqin başına rif'ət verir, Hər kəsə dünyada Həqq əqlicə dövlət verir. Qanım içərkən bular çeşmnən eyni səfa, Elə ki, meyxarələr bəzminə zinət verir. Harda görürsən, könül, yar, dolan başına, Sanma ki, dövran səna bir dəxi fürsət verir. Surəti-halın demək aşiqə lazım deyil, Üz verə iqbal əgər, bəxt özü surət verir. Gövhəri-nəzmin, Nişat, eyləmə hər yerdə sərf, Bir belə bazaridə kim səna qiymət verir. Ağa Məsih: Aşiqə tə’limi, — yar feyzi-bəşarət verir, Hər necə gül bülbülə dərsi-fəsahət verir. Ol sə hi qədpüstə ləb gülşənə olsa rəvan, Qönçəni dilxun edər, sərvə xəcalət verir. Duzəx odu, söylənir, şiddəti məşhurdir, Canda fəraq atəşi özgə hərarət verir. Çərxə vəfa bağlama, eyş edə gör vəqt ikən, Və’də irişsə əcəl, sanma ki, möhlət verir. Əmməyə mümkün ola gər ləbi-dildaridən, Çeşmei-heyvan kimi gör necə ləzzət verir. Gövhəri-nəzmin, Nişat, düşsə Məsih əlinə, Rayici-bazar edib, aləmə şöhrət verir. Zülali: Şərmi-ərəq gül üzə özgə lətafət verir, Hüsni-gülüstaninə abi-nəzakət verir. Vüsləti-mehrulərin mümkün olurdu, nedim, Kövkəbı-iqbalıma bəxti-nühusət verir. Qətlinə eşq əhlinin qaşları haşa deyir, Gözünə qarşı durub, qəmzə şəhadət verir. Zahidi-rüstayi-vəş şiddəti eşqin görüb, Xof düşüb canına, xəlqə nəsihət verir. Aşiqi-bidil, səna yar verə zəhr əgər, Al onu mərdanə iç, gör necə ləzzət verir. Eşqdə hər bülhəvəs lafi-gəzaf etməsin, Canım cananına əhli-dəyanət verir. Nəzmi-Nişatü Məsih düşsə, Zülali, ələ, Feyzi-həyati-əbəd eyşi-məsərrət verir. Ağa Məsih Nişatın ayrı bir qəzəlini də təxmis etmişdir ki, eynən aşağıya köçürürəm: Ağa Məsih: Sevmişəm ta səni, ey müğbəçə, xəndan degiləm, Yüzü gül kimi açıq çaki-giriban degiləm. Lalə tək dağəm əgər var nümayan degiləm. Nişat: Qeyri-səndən dəxi bir özgəyə heyran degiləm, Mayili-sərvü gülü baği-gülüstan degiləm. Ağa Məsih: Küfr zülfünə bu imanımı nəzir eyləmişəm, Qəddinə ömri-firavanımı nəzir eyləmişəm. Payinə didei-giryanımı nəzir eyləmişəm. Nişat: Rahi-eşqində dilü canımı nəzir eyləmişəm, Hər cəfa eylər isən, eylə, peşiman degiləm. Ağa Məsih: Salma gözdən mon-hicranzədəni yad eylə gah, Bəd günündə qulunu yadə salar rəhmli şah. Səni, tari, necə fəryad qılıb etməyim ah? Nişat: Aşna, sən yetəni məndən edirsən ikrah, Səna mən qurban olum, mən məgər insan degiləm? Ağa Məsih: Mən ki öz aşiqinəm, dövr edirəm ta gendən, Qeyrilər məhrəmi-bəzmin dəxi pirahəndən. Necə dad etməyim, ey dilbəri-kafər, səndən? Nişat: Ki müsəlman bilibən, nifrət edirsən məndən, Səna aşiq olalı mən də müsəlman degiləm. Ağa Məsih: Məsihim, olsa əgər üzr-günahım bihədd, Var ümidim kərəmindən ki, xuda qılmaya rədd. Sirri-eşqin demənəm hər yetənə tabe əbəd. Nişat: Dili pürqüssə Nişatəm, yüz əgər olsam, bəd, Sən kimi zalimi-bimürvət, biman degiləm. Ağa Məsih çox nəzahətli və lətafətli bir şairdir. Təəssüf olsun ki, zamanının müsaidsizliyindən vaxtım bir çoxlarının xoşuna getməyən aşiqanə şeirlərə sərf edə bilməmişdir. Könlü istədiyi mövzularda, səbklərdə hər nə yazmışsa, onlan da Nadir şahın və Şahsevən Əhməd xanın Şirvan üzərinə etdikləri məşhur yürüşlərindən əvvəl yazmışdır. Ağa Məsih bədahətən şeir söyləmədə də mahir imiş. Bir gün göy paltarlı bir gözəl qız istinin təsirindən köksünün düymələrini çözərək, bulaq başında durmuş ikən birdən-birə Ağa Məsihin bədahətən söylədiyi bu beytinə məruz qalır: Kəbudi-camə geymiş əgninə, köksünü çak etmiş, Açıqdır gög qapusu, mətləb istərsən, dua eylə. Ağa Məsih Nadir şah faciəsindən sonra müluki-təvayif, yaxud “xan-xan oyunu” təbirinə layiq olan xanları və xanlıqları öz gözü ilə görmüş və ətraflı da seyr edə bilmişdir. Bu da bəs deyilmiş ki, bir də tarixi-hicri 1162-də, yəni Nadir şahın qətlindən iki il keçmiş Şahsevən Əhməd xanın on iki min Muğan və Şahsevən atlıları ilə Şirvan üstünə hücumunun şahidi olmuşdur. Ağa Məsih o faciəni nəzmə çəkərək, tariximiz üçün bir mənzumei-əbədi-zində yaratmışdır. Sənətcə bir o qədər əhəmiyyəti olmayan o mənzumənin tarix və ictimaiyyət nöqteyi-nəzərindən böyük bir dəyəri və qiyməti vardır. Eşidin etdiyini Şahsevən Əhməd xanın, Xahişi-nəfsim ol zalimi-biimanın. Yox imiş zərrəcə şə’nində mürvət anın, Qıldığı aləmə cövrü sitəmin dünyanın, Nə qədər olsa, olur baisi-nahəq qanın — sətirləri o mənzumənin başlanğıcı və mətləidir ki, içində böylə dəhşətli bəndlər: Tale'i şumdir anın ki, belə işləri var, Şəhri-Dərbənddə çıxmaq yeddi yüz göz izhar, Qətli ol Qahi-Muğan, Cisrdə həm kəllə minar — vardır ki, yeri gəldikcə tamamilə gözdən keçirəcəksiniz. Bu son misralardan məlum olur ki, Şahsəvən Əhməd xan hənuz Şirvana gəlməmişkən Dərbənd şəhərində yeddi yüz göz çıxartdırmış və Muğan ölkəsində qətliam etdirərək Cavadda da insan kəllələrindən minarə qurdurmuş imiş. Təbii, bu vəhşilikləri öz gözü ilə seyr edən bədbəxt Ağa Məsih aşiqanə şeirlər söyləyə bilməz idi. Odur ki, tarixi-hicri 1155-ə kimi aşiqanə şeirlər yazaraq, layəmut lövhələr təsvir edən Ağa Məsih bu tarixdən etibarən kiçik-kiçik tarixi mənzumələr nəzmə çəkərək, nəhayət, “Şahnamə” yazmağa başlayır. “Şahnamə”də şair öz gözü ilə gördüyü hadisələri tamamilə türkcə olaraq canlandırır. Artıq mehtabı, şəfəqi buraxaraq, topdan, tüfəngdən, çərxəçidən, zənburəkdən bəhsə girişir. Təqarüb vəznində rişteyi-nəzmə çəkilmiş o “Şahnamə”nin bir və bəlkə də, yeganə nüsxəsini Şamaxı mütəəxxirin üləmasından mərhum Mir Mehdi ağa tapıb, mənə göndərmişdi. Nə fayda ki, iki əsrdən bəri güvələr, mürgənələr ağızlarından çıxmış və illərcə yağışlar altında qalmış o kitabdan min məşəqqətlə yalnız bir beyt oxuya bildim ki, o da tarixlərdə Quba, Bakı, Dərbənd, Şirvan və Salyan xanı olan Fətəli xanın haqqındadır. Ağa Məsih “Şahnamə”sini o xanın adına ithaf edərkən bir də bir müqəddimə yazmışdır ki, bu bir beyt “Şahnamə”yə yazılan müqəddimədən çıxanla bilmişdir: O şahdən ki, şahini mənim kəm deyil, Yazam “Şahname”i, məna qəm deyil. Bu qədər. Ağa Məsih burada nə Fətəli xanı Sultan Mahmuddan və nə özünü Firdovsidən aşağı görməyir. Odur ki, “Şahnamə” yazmasını da artıq bir qəm hesab etmir. Firdovsinin “Şahnamə”sindən azərbaycanlılar üçün min qat dəyərli olan bu kitabın digər bir nüsxəsi də tapılıb əlimizə keçərsə, tariximiz üçün gözəl bir hadisə təşkil edəcəkdir. Ağa Məsih XII əsri-hicrinin yarısına kimi rübabi-lirik bir şairdir. Ondan bu yana isə artıq “Şahnamə”nəvis və hail-ənəvisdir. Bu münasibətlə şairin bu gün əlimdə olan şeirlərini bir- birinə qatmayaraq, iki hissəyə böldüm və bundan sonra da fəzlə nə taparsam, o tapdığım parçanı da mənsub olduğu hissəyə izafə edəcəyəm ki, hörmətli oxucularım Ağa Məsihi tədqiq edərkən çətinlik çəkməsinlər. Ağa Məsihin ədəbiyyatımıza böyük xidməti olmuşdur. Özünəməxsus məktəbi vardır ki, şairlərimizdən Möhsün, Səlami, Valeh, Şahid, Qərib, Abdulla, Zakir, Vaqif, Nəvvab, Sabir və s. o məktəbin təsirində olmuşlar. Ağa Məsihin vəfatı təxminən tarixi-hicri 1180 radələrində vaqe otaraq, Fit dağında dəfn olunmuşdur. Ömrünün son çağlarında yazdığı şeir “Dila, etmə təvəqqe rastguluq qandə qatmışdır” mətləi ilə başlanan müxəmməs olduğu kimi, ən son yazdığı şeir də tərcibənd səbkindəki “Tövbənamə’”si zənn olunur. Ağa Məsihin şərhlərində bir nəzahət və bir abi-tab vardır ki, fəqət o xüsusiyyət və məziyyət şairin özünə məxsusdur. Ondan sonra gələnlərdə, nədənsə, o məziyyət gözə ilişməyir... * * * Molla Pənah Vaqif Çün muradı-xatirimdir lə’li-ləbdən sudi-eşq, Eyləram hərdəm qara bağrımı xunaludi-eşq, Ərşə başımdan çıxar tük başına min dudi-eşq, Hər rəkimdir abi-sevdadon dolu bir rudi-eşq, Haliya mülki-məlahətdə mənəm məhmudi-eşq, Var ümidim kim, olam mən müqtədai-cudi-eşq, Həq mənə etmiş müsəlləm çünki hər müvcudi-cşq. Vaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq, Qalmışam hicrində, gülzari-vüsalın istərəm! Azərbaycan türklərinin saf bir özəyini təşkil edən kəndlilərdən ərsei-vücudə gəlmiş və bütün ellər tərəfindən "hər oxuyan Molla Pənah olmaz" ünvani-cəlilinə məzhər olmuş bu böyük və qiymətli şairimizə dair ilk məlumatı biz o tarixlərdə yazılan Hacı Əliqulu xan Valeh Dağıstaninin təlif etdiyi "Riyazülüş-şüəra" adlı təzkirəsindən və yaxud İbrahim xan Cavanşir ilə sıx bir rabitədə olan Təbriz bəylərbəyi əmirül-ümərası Hacı Əbdürrəzzaq xan Dünbilinin "Nigaristan"ından öyrənəcəkdik ki, məəttəəssüf, birincisini görmədiyimiz kimi, ikincisində də heç bir məlumata təsadüf etmədik və yenə uzun müddət Qarabağda yaşayan Bəhmən mirzə Qacar Nəsrəddin şah Qacarın atası olan Məhəmməd şah Qacarın adına yazdığı "Təzkirei-Məhəmmədşahi’’sində tam mənası ilə sükut ixtiyar edərək Vaqif haqqında tək bir cümlə də olsun işlətməmişdir. A. P. Berje də Azərbaycan şairlərinə dair Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi məcmuəsində Vaqifin tərcümei-halından bəhs edən bir sətir də yazmamışdır. Vaqif barəsində bizə dəyərli yardımda olan ərbabi-qələmin birincisi İbrahim xan Cavanşir vüzərasmdan həm də azərbaycanca yazdığı məşhur "Asari-Camal" adlı tarixi ilə qaranlıqda qalmış tariximizin bir hissəsini aydınladan Mirzə Camal, ikincisi erməni ədiblərindən, türk, fars və ərəb dillərinə bir əndazəyə qədər dara olan Mirzə Yusif Nersesov Qarabaği, üçüncü azərbaycanca "Qarabağnamə" tarixim yazan Mirzə Adıgözəl bəy olmuşdur. Əvvəlki ilə bu sonku müvərrix olduqlarından dolayı ancaq Vaqif ilə əlaqədar olan hadisəni müxtəsər qeyd edərək keçmişlər. Amma Mirzə Yusif isə Vaqifin icmalən farsca tərcümei-halın yazmaqla bərabər, bir neçə şeirlərini də bir araya toplamaqla ədəbiyyatımıza dəyərli xidmətdə olmuşdur. Bu çox dəyərli, qiymətli şairimizin adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü də Vaqifdir. "Vaqif" kəlməsi iki mənanı — "xəbərdar" və "vəqf edən" havi olduğu üçün şair bu təxəllüsü qəbul edərək şeirlərində də işlətmişdir. Vaqifin Molla Vəli Vidadi ilə etdiyi müşairələrinin birindən anasının adı Ağqız olduğu da anlaşılmaqdadır: Ağqız oğluyam, əhli-dərdəm mən, Tayım-bərabərim yoxdur, mərdəm mən, Əlinin quluyam, cavanmərdəm mən, Ancaq sən yassarsan, xissət eylərsən. Molla olduğunu da yenə özü Şəkili Məhəmmədhüseyn xan Müştaq təxəllüsün sovqati-ərməğan təriqi ilə göndərdiyi kürkdən dolayı nəzmə çəkdiyi müxəmməs ilə öz gəlininə xitabən söylədiyi digər bir mürəbbesində apaçıq göstərmişdir: Qış günü çünki dönər şol cənnətül-məvayə kürk, Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk, Görünür ədna əgərçi himmətı-valayə kürk, Eylə ki, püşak olur fəsli-şita əzayə kürk, Tə’n edər yüz faxiri-məlbusei-dibayə kürk! Və yenə: Bir qədəm bas ki, toy öz toyundur, Toylar yaraşığı sənin boyundur, Mollalar məskəni səri-guyundur, Əl çək bu nazü-qəmzədən, gəlin! Molla Vəli Vidadinin də Vaqifə qarşı yazdığı şuxvanə şeirlərinin bir bəndindən Vaqifin axund olması görünür: San Çoban oğlu gəlsin yanına, Axund deyib, canın qatsın canına, Onun şövkətinə, sənin şanına, O, yaxşı müxəmməs düzər, ağlarsan. Qasım bay Zakir də Cəfərqulu xan Cavanşirə kürk üçün yazdığı bir qəsidəsində Vaqifin molla olmasına işarə edərək böylə bir təlmih yazır: Görmədinmi necə ol şirinü şəkkər xəndənin Eylədi yanında acı binəva mollanı kürk! Vaqifin məsqətürrəsi, yəni anadan olan yeri haqqında da ixtilaf vardır. Bəziləri Balakən, Həsənsu, Qarabağ, Qazax şəhər və kəndlərini Vaqifin anadan olan yeri hesab edirlər. Amma ehtiyatkar mühərrirlər isə bu nöqtəni üstüörtülü buraxaraq, Qazax elindəndir, deyirlər. Bu ehtiyatkarların birincisi Mirzə Yusif Nersesovdur. Bizcə, Vaqifin dünyaya gəldiyi yer bu göstərilən yerlərin heç birisi deyildir. Onun doğma yurdu Qazax şəhərinin yanındakı Salahlı kəndidir. Çünki bunu Vaqif özü aydın və aşkar bir surətdə meydana qoymaqdadır. Aşağıya köçürdüyüm iki beyt buna böyük, həm də çox mötəbər bir sənəddir: Vətən xoşdur deyə, Vaqif, bizi çəkdin Səlahlıya, Səlah bilməm nədir, yanında yari-canfəza yoxdur Şəkər ləblər olurlarmış əzəldən Sarıqamışda, Gəlib şimdi sorağın sordum, onlardan səda yoxdur. Çox ola bilər ki, Vaqifin Qazax şəhərində söylədiyi bu bir mürəbbedə Qazax kəlməsi işlənildiyi üçün bu söz bəzi yazıçılarımızı çaşdırmışdır: Bir bölük yaşılbaş sonalar kimi, Yığılıb gəlibdir Qazaxa qızlar. Ayna qabağında qara qaş ucun Endirib gətirmiş qulağa qızlar. Mola Pənah Vaqifin əvail halından tamamilə bixəbərəm. Kimdən və harada təhsil etdiyini də dürüst bilmirəm. O qaranlıq nöqtələri bu gün əlimizdə tənvir edəcək, aydınladacaq heç bir vəsiqə yoxdur. Bu barədə "Riyazül-aşiqin" sahibi ilə "Təzkireyi-Nəvvab" müəllifləri də sükut ilə keçmişlər. Bunların verdiyi məlumat da eyni ilə Mirzə Yusif Nersesov məlumatının icmalən xülasəsidir. Mirzə Yusifin yazdığına görə, Vaqif İbrahim xan Cavanşir taxta oturar-oturmaz tarixi-hicri 1172-də, yəni Nadir şah Əfşarın qətlindən on iki il sonra Qarabağa gəlmişdir. Vaqifin əsl məram və məqsədi yeni cülus etmiş xan ilə sıxı bir rabitəyə girişərək ona müqərrəb və vəzir olmaq imiş ki, nəhayət, müvəffəq olmuşdur. Əvvəlcə sünni məzhəbində olan Vaqif sonra, yəni Qarabağa gələrkən və yaxud gəlməmişdən bir qədər irəli məzhəbini dəyişərək səmimi bir surətdə şiəliyi qəbul etmişdir. Kim bilir, bəlkə də, zəmanəmizdə tam mənası ilə qiymət və əhəmiyyətini itirən bu fəqərə Vaqifi Qazax tərəflərindən hicrət etməyə məcbur etmişdir. Çünki o zamanlar bu kimi məsələlər əhəmiyyətli məsələlərdən ədd olunurdu. Bunun üstündə qan su yerinə axırdı. Məzhəb aktyorları rollarını müvəffəqiyyətlə oynamağa çalışırdılar. "İbrahim xan Cavanşirə çox yaxın olmaq üçün qəsdən məzhəbinə təğyir vermişdir", — deyənlər, bizcə, yanılırlar. Çünki Vaqifin mərsiyə və məşhur zikrləri səmimi şiə olduğunu göstərir ki, burası bəhsimiz xaricindədir. Hər halda Vaqifin sünnülükdən dönüb şiəliyi qəbul etməsi bir əmri-vaqedir. Bunu həm Vaqifin, həm də müasiri və dostu Şıxlı Molla Vəli Vidadinin şeirlərindən də öyrənmək olar: İsna əşərə çakəri-kəmtər ola Vaqif, Sordaridir o’la, Xaki-dəri-övladi-peyğəmbər ola Vaqif, Neylər dəxi dünya? Ol gündə ki, həngamei-məhşər ola Vaqif, Tut daməni-mövla, Fəryadrəsin heydəri-səfdər ola Vaqif, Xof eyləmə əsla! Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə, Tövfiq bulan sən. Ve yenə: Ey xoş anlar kim, Məhəmməd Mustafanı sevdilər, Oldular aşiq, Əliyyül- Mürtəzanı sevdilər, Sidqü ixlas ilə pənc alü abanı sevdilər, Çardəh mə’sum tək müşkülgüşanı sevdilər, Dəxi anlardan gözəl yaxşı cəmaət görmədim. Vaqif özü şiə məzhəbini qəbul etdikdən sonra səmimi dostu olan Molla Vəli Vidadini dəxi bir an təbliğdən geri qalmamış və bir çox şeirlərində də Vidadini şiə olmağa dəvət etmişdir. Biz bu təbliğatı zarafat deyil, ciddi sanırıq. Vaqif: Vəqtkən dəli olma, gəl eşit məndən, Gəzmə, yalvar-yapış onlara gendən, Amma qorxun olsun Əbüllhəsəndən, Səni əzim-əzim əzər, ağlarsan. Qıl körpüdən çünki sürşər ayağın, Cəhənnəm xovfindən yarılır yağın, Qorxma, yenə Əli olur dayağın, Əgər anıb həştü çahar ağlarsan. Əqlin olsun, on iki imama inan, Fayda verməz sonra olmaq peşiman, Yəqin bil ki, qurulacaqdır mizan, Əməlin qarşında durar, ağlarsan. Heştü çahar çün halını duyarlar, Sanma səni öz kefinə qoyarlar, Əvvəl onlar səni diri soyarlar, Sümüyünü ta gömərlər, ağlarsan. Vaqif, gərçi əzabı var dünyanın, Tutubsan ətəyin Şahi-mərdanın, Sən neçün xovfini çəkərsən anın, O gülər — gülərsən, ağlar — ağlarsan. Və yenə başqa bir şeirində Vidadiyə xitabən: Cavanşir xəlqilə ol qohum-qardaş, Qazaxın sözünü heç eyləmə faş, Demirəm, dinini elə qızılbaş, Əqlin olsa, özün, əlbət, eylərsən. Vidadi: Mələklər ki, gələr sahib izzətdən, Ayıra mömini asi millətdən, Görər ki, deyilsən əhli-sünnətdən, Səni yolum-yolum yolar, ağlarsan. O zaman ki, məhşər xalqı durarlar, Divan olub sorğu-sual sorarlar, Əgər səni bu məzhəbdə görərlər, Yerbəyer budayıb əzət, ağlarsan. Allahın ki, heç çəkməzsən minnətin, Tərk edibsən peyğəmbərin sünnətin, Nə görərsən məlumların hörmətin, Əgər ağlamazsan, əgər ağlarsan. Şiə xalqı tamam dolar duzəxə, Qalarlar duzəxdə od yaxa-yaxa, Mahaldır ki, biri duzəxden çıxa, Cümlə olur zirü zəhər, ağlarsan. Əhli-sünnət vəl-cəmaət peyvəstə, Gedərlər cənnətə dəstəbədəstə, O gündə şad olur Vidadi xəstə, Səni yanlış görüb gülər, ağlarsan. Vaqif Salahlı kəndindən köçərkən ilk əvvəl Qarabağa deyil, Qarabağın indi də məruf kəndlərindən sayılan Veysəlli kəndinə gəlmiş və orada Salahlıdakı peşəsi olan məktəbdarlığına davam etmişdir. O zaman artıq dərəcədə sıxıntı və fəqrü faqə ilə güzəran edən Vaqifin əhvalın novruz bayramı ərəfəsində söylədiyi bu mənzuməsindən azacıq təəmmül ilə öyrənmək olar: Bayram oldu, heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur. Dügiylə yağ ha tükənmiş lap çoxdan, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm, dəxi qoymazlar kəndə. Xalq batıb noğulə, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə də evdə sahibcamalımız var. Vaqif, öyünmə ki, kəmalımız var, Allaha şükür ki, kəmal da yoxdur. Molla Pənah Vaqif bir an əvvəl məqsədinə nail olmaq üçün Veysəlli kəndindən köçərək Qarabağa gəlir və şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq məktəbdarlığa başlayır. Əvvəldən xəyalında tutduğu kimi, İbrahim xan Cavanşirə müqərrəb olmaq istəyir. Tam bu çağlardadır ki, Vaqif fəxriyyəmanənd bir qəzəl inşad edərək bir beytində də "ali-Cavanşir"i istəməyə-istəməyə boğazdan yuxan bir qədər mədh edir: Qarabağ içrə bir şair kəlimüllah Musadır, Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadir. Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdə Bəni-İsrailə ali-Cavanşir yəni həmtadır. Dili-rövşən gərək nadan içində sərf edən ömrün, Çırağın səltənətgahi səvadi-şami-yeldadır. Ümidim vardır kim, bu qara gün getməyə başa, Dönər bir özgə rəng ilə, bu axır çərxi-xəzradır. Məkan tutdisə Vaqif, yox əcəb, ba Şişə daşında, Məkani-ləli-gülrəngin miyani-səngi-xaradır. Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz qalmayır. Az keçmədən Vaqif İbrahim xan Cavanşirin eşik ağası və daha sonra nədimi-hüzur və müşaviri-məxsus olur. Demək: Ümidim vardır kim, bu qara gün getmiyə başa, Dönər bir özgə rəng ilə bu axır çərx xəzradır – beyti öz yerini tutur. Nəhayət, öz istedad və doğruluğu sayəsində o qədər izzətü etibar qazanır ki, xan hər bir işini Vaqifin məsləhət vo səvabədidi ilə gördüyü kimi, səfərə çıxdıqda da Vaqifi öz yanınca götürərdi. Mirzə Yusif Qarabağinin yazmağına görə, İbrahim xan səfərlərinin birində bəzi mülahizələrə görə böyük bir qüvvə ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin. Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər: Siyah tel görmədim Kür qırağında, Məgər heç yaşılbaş olmaz bu yerdə? Tərlan könlüm yenə uça dağlara, Havalanıb hərgiz qonmaz bu yerdə. Bu diyarda kəlağay yox, kətan yox, Sinəm yotan müjgan oxun atan yox, Sərxoş durub bir nəzakət satan yox, Heç sövdagər fayda bulmaz bu yerdə. Bəzək bilməz bu diyarın göyçəyi. Tanımaz al çarqad zərrin ləçəyi, Ağ buxaq altından həlqə birçəyi, Tər məmə üstündən salmaz bu yerdə. Desələr, Vaqif, nə oldu sənə, Rəngi ruyin dönüb heyvayə yenə, Əlin tər məmədən üzən kimsənə, Saralıban niyə solmaz bu yerdə? Nədənsə xanəndələr bu mürəbbei xanın məclisində oxurkən istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif həman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanəndələrə verdirir ki, təkrar oxusunlar: Kür qırağının əcəb seyrəngahı var, Yaşilhaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdəm tamaşası, hayıf ki, yoxdur’ Qış günü qışlağı Qıraqbasamn, Gözüdür Aranın, cümlə cahanın, Belə gözəl yerin, gözəl məkanın, Bir gözəl obası, hayıf kı, yoxdur! Çoxdur ağ bədənli, büllur buxaqlı, Lalə zənəxdanlı, qönçə dodaqlı, Amma şirin dilli, açıq qabaqlı, Könül aşinası, hayıf ki, yoxdur! Elə gözəl var bunların içində, Ələ düşməz hərgiz Çinü Maçində, Söyləgən, oynağan, dürüst biçimdə, Bəzəyi-libası, hayıf ki, yoxdur! Havasının, torpağının, yerinin, Dad verməz dəhanı, ləbi-şirinın, Pəri çoxdur, nə fayda, heç birinin Adamlıq ədası, hayıf ki, yoxdur! İçi əşrəfili, bulud kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac, Kəlağayı gülgəz, qəsabə qıyğac, Altından cunası, hayıf ki, yoxdur! Zər haşiyə al nimtənə üstündə, Xallar üz yanında, çənə üstündə, Buxağın altında, sinə üstündə, Zülfün burulması, hayıf ki, yoxdur! Güzgü tutub hərdəm cəmal görməsi, Zülfə, zənəxdana sığal verməsi, Səhər ala gözün siyah sürməsi, Əlinin hənası, hayıf ki, yoxdur! Çünki yorğunuyam mən bu yolların, Bilirəm tərzini hər üsulların, Qızıl qolbaqlı bəyaz qolların Sarı kəhrəbası, hayıf ki, yoxdur! Vaqif həqden dilər lütfü kərəmlər, Belə yerdə duran, vallah, vərəmlər, Yenə yada düşdü bizim sənəmlər, Getməyin binası, hayıf ki, yoxdur! Bu mənzumə oxunarkən İbrahim xan Cavanşirə elə təsir edir ki, qoşuna filfövr köçmək əmrini verərək, özü də ordu ilə bərabər Qarabağa əzimət edir. Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həll və tövsiyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zamanlar Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi-üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, amma öz oğlu Eulon xanı öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Məhz bu müxəmməs Vaqif tərəfindən o görüş münasibətilə Tiflis şəhərində söylənilən tarixi bir şeirdir: Valinin çeşmi-çırağı, vəh, nə türfə can imiş, Külli-Gürcüstanın üzrə sayei-sübhan imiş, Düşməni pamal edən sərdari-valaşan imiş, Aləmin sərdəftəriymiş, adı Eulon xan imiş, Saxlasın allah pənahında, əcəb oğlan imiş. Heç yoxdur nisbəti, özgə diyarın xanına, Bir cavandır kim, yaraşır padşahlıq şanma, Dəyməsin afət yeli, yarəb, güli-xəndanına, Sərbəsər aləm gərəkdir baş əyə fərmanına, Taqi-əbruyi-lətifi qiblei-iman imiş. Xoş tamaşa eylədim, gördüm tamam ətvarını, Çox bəyəndim özünü, həm ləhcei-göftarını, Maşaallah, zahir etmiş ululuq asarını, Belə sandım kim, mələkdir əvvəla didarını, Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş. Sayir oğlundan xanın gər olmadıq biz ruşinas, Manei yox, anları həm eylədik bundan qiyas, Bu çırağ elə çırağdır, eyləmiş nur iqtibas, Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas, Valinin ocağı böyle gün kimi taban imiş. Qarabağın şairanə və fərəhəfza mənzərələrindən ayrıca bir ləzzət alan Vaqif pərilər məkanı olan Gürcüstandan da xüsusi bir zövq almışdır. Azərbaycan gözəllərini gerçək və təbii cümlələrlə oxşayan bu şirin dilli şairimiz Gürcüstan pərilərini də gözəl-gözəl öymüş və özünəməxsus bir məharətlə də Tiflis şəhərini, sularını, hamamlarını olduğu kimi mübaliğəsiz nəzmə çəkmişdir. Bu iki müxəmməs o zaman Tiflisdə söylənilmiş şeirlərdəndır: I Vəh, bu bağın nə əcəb sərvi dilaraları var, Hər tərəf tazə açılmış güli-rənaları var, Açılıb tazəvü tər lalei-həmraları var, Yəni Tiflisin əcəb dilbəri-zibaları var, Ey könül, seyr elə kim, türfə tamaşaları var. Mərhəba, Tiflis İmiş cənnəti dünya yerinin, Yığılıbdır ona cəmiyyəti huri-pərinin, Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin, Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin Məhi-tabanə bərabər sərü simaları var. Ol qədərdir büti-nazikbədənü incəmiyan, Eyləmək olmaz onun vəsfini mə’lumi-əyan, Hər biri nazü nəzakət belə min afəti-can, Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan, Məst tavus kimi gərdənü minaları var. Özləri pərtövi-mehri-cahanara kimidir, Səfhei-sinələri simi-müsəffa kimidir, Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir, Əlləri möcüzei-həzrəti-Musa kimidir, Dilrübalıqda əcayib yədi-beyzaları var. Ala gözlər süzülüb nərgisi-sirabə dönüb, Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb, Lə’l tək ləblərinin rəngi meyü nabə dönüb, Tökülüb gərdənə saçlar ucu qüllabə dönüb, Sona cıqqası kimi zülfi-mütərraları var. Nə qədər varsa buxaqü zənəxdanü yanaq, Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ, Bir-birindən götürüb şöləsini misli-çırağ, Görməyib kimsə belə qaşü gözü dişü dodaq, Özgə babət sifətü surəti-ə’zalari var. Baği-rizvanda əgər huriyü qılman çoxdur, Bu gözəllər kimi məqbulu müzəyyən yoxdur, Nəsl-bər-nəsl gözəllik bulara buyruqdur, Mən görənlər ki, mələkdən, pəridən artıqdur, Hələ derlər ki, bulardan dəxi ə’laları var. Qalmışam valehü matü mütəhəyyir, dili lal, Ey xudavəndi-cahan, gizli deyildir sənə bal, Bu necə sibi-zənəxdan, bu necə zibi-cəmal Ki, veribsən bunlara sən bu qədər izzü kəmal, Necə kim, var cəhan, surəti-ə’zaları var. Bədəni-pak çəkib abi-rəvan tək sulara, Ağarıb tazəvü tər cümlə dönübdür qulara, Abi-Kür nəsb edib boylarını qarğulara. Neçə şeydən belə zahir ki, xudanın bulara Nəzəri-mərhəməti, lütfi-hüveydaları var. Biri həmmam ki, qüdrətdən olub bəzlü bərat, Biri Kür suyi ki, hər cür’əsidir abi-həyat, Biri bu xubluğu göyçəkligü pakizə sifat, Biri oldur ki, nəcib, əsldə ali-dərəcat, Aləmin sərvəri vali kimi ağaları var! Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur, Həşt cənnət kimi hər guşəsi bir mətlə’i-nur, Bir əcəb abi-rəvani-gərm qılıb onda zühur, Şükr təqdirinə, ey qadirü qəyyumü qəbir, Lütfünün bəndələrə ne’məim-üzmaları var. Mənbəi-cudü kərəmdən açılıbdır xoşab, Basəfa hövza dəmadəm tökülür misli-gülab, Görsə bir kərrə onu mən kimi bir xanəxərab, Getməz andan dəxi bir canibə manəndi-hübab, Getsə də badəbaşı, mənzili-mə’vaları var. Gərçi, ey Xızr, bulubsan şərəfi-feyzi-əzəl, Vermeyibdir könül asayişi amma sənə əl, İstəsən əmri-dübarə görəsən türfə gözəl, Bircə təşrif gətir Tiflisin həmmaminə sən, Gör necə rahəti-canbəxşi-tənasaları var. Bu ocaq böylə ocaqdır ki, işıq ayə salır, Gün kimi şö’ləsini cümlei-dünyayə salır, Tez tutar xainü bədxahları vayə salır, Hər kimin başına kim, mərhəmətü sayə salır, Elə bilsin oların dinlə dünyaları var. Vaqifa, səndə ki, yoxdur, bilirəm, zöhdü riya, Şərti-ixlas gərək eyliyəsən şimdi əda, Eylə bu valiyə, oğlanlarına xeyrü dua, Saxlasın anları öz hifzi-pənahında xuda, Hasil etsin nə qədər dildə təmənnaları var. II Naz ilə ta ol büti-ziba kəlisadan çıxar, Sərgəşü xəndanü bipərva kəlisadan çıxar, Şahdır guya, geyib diba, kəlisadan çıxar, Açıban təl’ət günəşasa, kəlisadan çıxar, Şölə salmış aləmə kim, ta kəlisadan çıxar. Şanəvəş seyğəl verib zülfi-bənəfşə nisbətə, Pərdə mütləq tutmayıb simavü sədrü surətə, Qıl tamaşa gərdənə, seyr eylə qəddü qamətə, Qaşü göz, qəmzə, məazəllah, dönübdür afətə, Etməyə din mülkünü yağma, kəlisadan çıxar. Ləhzə-ləhzə eylədikcə mahrüxsarı zühur, Ləmə-ləmə ziri-bərqədən düşər dünyayə nur, Onu bir kərrə görən dindən olur, əlbəttə, dur, Necə kim, cənnət sarayından çıxar qılmanü hur, O şəkil bu düxtəri-tərsa kəlisadan çıxar. Gül kimi nəmi ilə nazik pirəhəndə ağ bədən – Bilmənəm kim, şö’lədir, ya xərməni-bərgi-səmən, Dişləri qəltan sədəf, çün ağzıdır lə’li-Yəmən, Ağ qabaqda bir gəz onun taqi-əbrusun görən Meyli-məscid eyləməz, haşa, kəlisadan çıxar, Vaqifəm, ta ki gözüm onun sataşdı qaşına, İstədi mehrabü mənbərdən xəyalım daşma, İndi bildim ki, nə gəlmiş Şeyx Sənan başına, Ya budur kim, Tiflisi qərq eylərəm göz yaşına, 0l sənəm vəsli mənimçün ya kəlisadan çıxar. Vaqif Veysəllidə söylədiyi mənzuməsinin bir bəndi vardır ki, o bənddə söz götürən bir misra olduğundan onu burada bır qədər şərh etməliyəm. Vaqif deyir: Bizim bu dünyada nə malımız var, Nə də evdə sahibcamalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kəmal da yoxdur. Biz bu bənddən Vaqifin o zamanlar dünya malından əliboş olduğunu öyrənmiş oluruq ki, bu çox doğrudur. Və son iki misradan da şikəstənəfslik etdiyini görürük ki, bu da təvazö qəbilindən olaraq şərqlilərə məxsus bir sifətdir. Nə də evdə sahibcamalımız var — misrası ilə nə demək istənildiyini bir dürlü anlamırıq. Bizcə bu misranın mövzusu bir qədər üstüörtülü və mübhəmdir. İlk əvvəl Vaqifin ya o çağa kimi evlənmədiyi, və yaxud rəfiqəsinin "sahibcamal" olmayaraq çirkin olduğu xəyalə gəlir. Bu nöqtəni tənvir etmək üçün əldə vəsiqəmiz olmalıdır ki, məəttəəssüf, hələlik yoxdur, Hər halda çox keçmədən biz Vaqifin Mədinə adlı bir qadına məhəbbət yetirdiyini görürük. Vaqif onu almaq və hərəm etmək istəyir. İndi oxuyacağınız şeirlər Mədinə üçün söylənilmiş şeirlərdir: I Bir gözəl qamətli yari-lalərəngi sevmişəm, Yari-istiğnası şirin, şuxü şəngi sevmişəm, Qaşı yay, kirpikləri türfə xədəngi sevmişəm, Ox atan, qanlar tökən türkanə cəngi sevmişəm, Halə rəhmi gəlməyən bir bağrısəngi sevmişəm. Naz ilə sərxoş gedəndə ol gözəllər sərvəri, İki yandan mövc vurur zərrin kəlağay ucləri, Bir mələkdir, sanasan, uçmağa açmış şəhpəri, Rövzei-kuyi Mədinə, qaşı Kə’bə minbəri, Arizi üzrə həcər tərhində səngi sevmişəm. Bad əsib, üzdən niqabı açılanda gahi-gah, Şöləsindən gün olur göydə xəcəl, şərməndə mah, Gərdəni, qəddi tamam göyçək, rüxü süni-ilah, Sərbəsər əndamı ağ, qaşı, gözü, saçı siyah, Al hənadan lalərəng gülgunə çəngi sevmişəm. Hər zaman ki, ol sənəm gedir qabağımdan mənim, Başadək bir od düşər, yanır ayağımdan mənim, Göy dəyir bir-birina ahi-fərağımdan mənim, Kəsmə mina qülqülün, saqi, qulağımdan mənim, Xəndei-cananə bənzər mən bu həngi sevmişəm. Vaqifəm, hərdəm dilimdə əzbərim dost adıdır, Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır, Gözlərindən ələman kim, canımın cəlladıdır, Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır, Sanmayın, Sənan kimi azıb firəngi sevmişəm. II Ey Kə'bəm, Kərbəlam, Məkkəm, Mədinəm, Hər zaman kuyinə ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayınanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağışlamışam din-imanı zülfünə, Menim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Xəyalın fikrimə gözəl xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən Hər kimə ki, yetsəm, şikayətimdir. III Yenə məni yanar-yanar odlara Dağılmış ayrılıq saldı, sevdiyim! Mən ha oldum həsrət ilə, dərd ilə, Can sənin yanında qaldı, sevdiyim! Siyah zülfün buxaq altda qayrılır, Ala gözlər can almağa sayrılır, Canandan ayrılan candan ayrılır, Xalq içində bir məs’əldi, sevdiyim! Sərv qəddin sənubərə tən deyil, Tamam sənin təki gülbədən deyil, Dəxi əzəlki tək sən görən deyil, İndi halım yaman haldı, sevdiyim! Ol Xədicə haqqı, Səkinə haqqı, Xeyrənnisə haqqı, Əminə haqqı, Kə’bə, Məkkə haqqı, Mədinə haqqı, Dərdin bu Vaqifi aldı, sevdiyim! IV Ey Məkkəni, Mədinəni yaradan, Bir fikir çək əhvalına Vaqifin. Ol qaşı qibləyə üz sürtmək istər, Mədəd eylə iqbalına Vaqifin. Mənim yarım deyil ol Kə’bedən kəm, Xali-həcəril-əsvəd, dəhanı zəm-zəm. Bir zaman ki, olsam onunla həmdəm, Xət çəkilər vəbalına Vaqifin. Yüz zülfü pərişan hinduxal olsa, Yüz göftan şəkər, ləbi bal olsa, Yüz türfə qəzal, yüz maral olsa, Yetə bilməz maralına Vaqifin. V Gülsən, sənə yoxdur bu nəzakətdə qərinə, Kuyin çəməni tə’nə vurur xüldi-bərinə, Sünbül anı görcək özünü saldı qəminə, Pəh-pəh, nə əcəb, şükr xudanın kərəminə, Olmaz belə qamət, belə gərdən, belə sinə. Yoxdur gülzarında tamaşası bu zülfün, Hifzində, görüm, saxlaya mövlası bu zülfün, Düşdü xütən əmlakına qovğası bu zülfün, Ta düşdü mənim başıma sevdası bu zülfün, Zəncir ilə divanələri çəkdi səfinə. Zülfün qoxusun, çox dilərəm, canıma gəlməz. Rəhmi məgər ol hali-pərişanıma gəlməz, Bir gecə qulaq asmağa əfğanıma gəlməz, Bilməm nə olub, sevgili yar yanıma gəlməz, Can çıxdı, xudaya, nə deyim mən bu gəlinə? Bilməm, nə deyib dilbərə əda yenə məndən, Kəsmiş nəzərin, ahü vaveyla, yenə məndən, Ün yetməz onun sə’minə əsla yenə məndən, Döndərdi üzün ol güli-rə’na yenə məndən, Eyb olmaya, söysəm belə iqbalın içinə. İman gətirir çün hərəm olmağına Vaqif, Sürtər üzünü qapının torpağına Vaqif, Gah zülfün öpər, gah düşər ayağına Vaqif, Hərdəm baş əyər qaşlarının tağinə Vaqif, Sənsən mənə həm qibləvü həm Məkkə, Mədinə. Molla Pənah Vaqif, Vidadi, Hali, Aşıq Əli, Fəzli, Müştaq, Rafe və Alim ilə müasir, həm də dost idi. Hələ sonku Vaqifin öz doğma oğlu İdi. Kəlibərli Aşıq Əli Qaradağdan öz Səkinə adlı məşuqəsilə köçüb Qarabağa gəldikdə Vaqifə bir şeir yazaraq varid olduğunu bildirir. Bu şeirdən biz Aşıq Əlinin Vaqifə olan nəzərini bilməklə bərabər, Vaqifin rəfiqəsinin adı Mədinə olduğunu da qəti surətdə müəyyən edirik: Bu gövhər sözlərin, ey alicənab, Tamam aşiqlərin sə’minə gəlmiş, Fəsahətdə, bəlağətdə sənin tək, İnanma ki, ruyi-zəminə gəlmiş. Bu əsrdə şairlərin xanı sən, Müdərrisə bərabərsən yəni sən, Elmin mə’dənisən, gövhərkani sən, Eşidənlər sözün dəminə gəlmiş. Aşiq oldum bir qaməti rə’nayə, Onu sevdim, canım düşdü bəlayə, Vallah-billah, sən düşdüyün sövdayə Artıq mən fəqirin sərinə gəlmiş. Əli çəkər gecə-gündüz ahü zar, Kəsildi müdava, getdi ixtiyar, Vaqif olsun bu mə’nadan xəbərdar, Mədinə kuyinə Səkinə gəlmiş. Vaqif qonşu xanlıqlara və yaxud qəzalara getdikdə bir gözəl tüfəngə ehtiyac hiss etmişdir. Bunu Şirvana gedərkən öz səmimi dostu, Şəki və Şirvan bəylərbəyisi olan Şəkili Məhəmmədhüseyn xan Müştağa söyləmiş, həm dostundan bir əla tüfəng istəmişdir. Hər nədənsə Müştaq etdiyi vədini unudaraq tüfəngi göndərməmişdir. O münasibətlə Molla Pənah Vaqif bu müxəmməsi yazaraq müasirlərindən Kəlibərli Rafe təxəllüs şair ilə Müştağın hüzuruna göndərərək şuxyanə gilayədə bulunmuşdur: Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng, Xoş qədi ayineı-simü səmənbər bir tüfəng, Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng, Canıma atəş salıb, yaxdı sərasər bir tüfəng, Yane-yanə qaldım, olmadı müyəssər bir tüfəng. Qıvrılır könlüm tüfəngdən dəm vuranda, mar tək, Od çıxır ağzımdan ol dud ilə çaxmaqbar tək, Gülləsi əşkim əsər çeşmim şərarı nar tək, Müşki barut ətrilə həm türrei-tərrar tək, Etmədi dimağımı mütləq müəttər bir tüfəng. Bu Qarabağ içrə çox çıxdım tələb meydanına, Müşkül oldu çünki yol bulmaq onun imkanına, Eylədim bu müşkülü izhar Şirvan xanına, Göstərib lütfü kərəm mən bəndei-fərmanına, Etdi və’də ol şəhinşahi-dilavər bir tüfəng,. Bavər etdim və’dəyə, mən gəldim, o da həm gələ, Gəlmədi amma, gözüm yollarda qalmışdır hələ, Nalişimdən hər zaman düşdü zəminə zəlzələ, Derlər, ol bəylərbəyi həm axtarır, düşməz ələ, Qəhətə çıxmışdır məgər, Allahü əkbər, bir tüfəng? Hər kim istər kim, vücudi mərəkə ara gərək, Kəndi zatından silahü əsləhə ə’la gərək, Gülləsilə xuni-əda tökməyə sevda gərək, Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək, Vaqifa, yoxsa deyil məqbulumuz hər bir tüfəng? Şair Rafe Vaqifin şerini Məhəmmədhüseyn xan Müştağa təqdim edən kimi Müştaq filfövr üstü qızıl suyu ilə yazılmış kamil cövhərli bir tüfəngin verilməsi üçün əmr verərək və bu müxəmməsi də Vaqifə cavabən inşad edir: Gəlmiş ol alicənabın qasidi, istər tüfəng, Ey gözüm, nəzzarə qıl, bax hər yana, axtar tüfəng, Eyləsin tap kim, görənlər söyləsin behtər tüfəng, Kamil olmuş cövhəri üstündə nəqşi-zər tüfəng, Neylir, aya, bilmənəm, yarəb o şuxü şər tüfəng. Yox ikən zatı cəhanda qıldı Əflatun anı, Gör nələr saldı xəlaiq içrə, tutsun xun anı, Hər gələnlər ixtira qıldılar əfzun anı, Eyləmişlər qətli-nəfs üçün həmişə çün anı, Anın üçün növhə salmış aləmə ağlar tüfəng. Yayı təşbeh etdilər xubruların əbrusuna, Tiri-müjganə dönüm ey, gözlərin cadusuna, Xoncör ile nizə kimdir düşələr qayğusuna, Çərxə də dəysə başı, dəyməz anın pabusuna, Hansı bir əndamı simin üzvinə bənzər tüfəng? Sən Qarabağ içrə qurmuşsan tələb meydanını, Tutmusan dildə olan və’dü vəfa mizanını, Görməyibsən əsbi-ehsanın məgər cövlanını, Bir tüfəngin bu qədər sən çəkmisən hicranını, Eylədim təslimi-Rafe çeşm pabərsər tüfəng. Şeirinə əhsən ki, yetməz heç bir əşar ona, Hər kimin var isə həddi, söyləsin göftar ona, Kimsə ləb tərpətməsin kim gəlməz istifsar ona, Eybdir Müştaqidən bu sözləri izhar ona, Tutmasın nəzmi rəkakət, var isə kəmtər tüfəng. Vaqifi fövqəladə bir səmimiyyətlə sevən və ona ürəkdən ixlas və iradət yetirən Məhəmmədhüseyn xan Müştaq Vaqifə vəd etdiyi tüfəngi əda etdikdən başqa, bir də bir xoş cövlan at bağışladığım da xəbər verir ki, müxəmməsin son bəndi bu sözümüzə də dəlildir: Sən Qarabağ içrə qurmuşsan tələb meydanını, Tutmusan dildə olan və’dü vəfa mizanını, Görməyibsən əsbi-ehsanın məgər cövlanını, Bir tüfəngin bu qədər sən çəkmisən hicranını, Eylədim təslimi-Rafe çeşm pabərsər tüfəng. Məhəmmədhüseyn xan Müştaq öz dostu Vaqifə tüfəngdən, atdan başqa, bir də bir kürk göndərmiş imiş ki, Vaqifin bu gözəl müxəmməsi ilə o nöqtə də aydınlaşmış olur: Qış günü çünki dönər şol cənnətül-mə’vayə kürk, Ol səbəbdən layiq olmuş firqei-mollaya kürk, Görünür ədna əgərçi himməti-valayə kürk, Eylə ki, puşak olur fəsli-şita ə’zayə kürk, Tən edər yüz faxiri-məlbusei-dibayə kürk! Kürk olan yerdə cahanın rəxti-əlvan nədir? Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir? Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir? Gərmü nərm adamların qucağı, ya yanı nədir? Rövzei-rizvanda bənzər hilleı-hurayə kürk! Gün bu gündən belə istər hiç təfvir etməsin, Badü bərfin istəsə, təbdilü təğyir etməsin, Yazadək kimsə mənə otaq tə’mir etməsin, Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin, Odlu bu coşən xədəngi-şiddəti-sərmayə kürk, Pusitini-bərre ki, büzğalə bəxti filməsəl, Eydi-növruzi əyan etməkdədir bürci-Həməl, Daxi sən lazım deyilsən, ey bahari-xoşəməl, İstəsən şimdən geri xahi gəlmə, xahi gəl, Artırıbdır yəni asayiş qədü bəlayə kürk. Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə, Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə, Xanei-ehsam abadan ki, vermiş can sənə, Tutma kəm kim, çox kərəmdir hem əzimüş-şan sənə, Fəxr qıl kim, padişahlardan gəlir, paşayə kürk. * * * == Müxəmməs == Ənvəriyyə Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun, Dağıtdın xavəri-islamdən küffar kabusun. Məsaciddən dilərdi rus asa öz nəhs naqusun, Gəbərdib, torpağə sərdin həyasız niyyətin rusun. Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər, Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər! Şərhlər * * * == Qəzəl == Öyün, millət! O gün millət ki əltafı olub şövkətli sultanın, Hilalın haləsi qılsın əhatə türk övtanın. Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur, Daha əflakə yüksəlməz əninü ahü əfğanın. Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü, Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın. Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu Rivaqi-ərşə nəsb etmiş böyük Osmanlı ünvanın. Səmaya doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl Ki, sənsən şanlı övladı şərəfli əski Turanın. Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin, Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın. Gərək taği-müqərnəsdən asılsın türkün tuğrası, Mələklər zibi-duş etsin livasın Ali-Osmanın. Bütün, Mümtaz, ellərdən olar türk milləri mümtaz, Sürər bundan sora türklük çərəfli-çanlı dövranın. Şərhlər * * * == Müxtəlif şeirlər == Bu da yahu, keçər Qonşulann elmə həvəskar ola, Tibb oxuya, fənnə xəberdar ola, Leyk müsürman gedə cindar ola Dinmə, danışma, bu da yahu, keçər. Rus mine ominibosu, seyr edə, Nems minə deıjabili teyr edə, Molla Cəfər həmzadı təxsir edə, Dinmə, danışma, bu da yahu, keçər. Xivə xanı saxlaya altmış bala, Sim bədən, zəhrəcəbin, göz ala, Məsti-meyü şəhvət olub dal qala, Dinmə, danışma, bu da yahu, keçər. Əbdüləhəd xan sata milləti, Badə verə namus ilə qeyrəti, Puç eyləyə Rusiyyədə sərvəti, Dinmə, danışma, bu da yahu, keçər. Kərpic atan millətə salar ola, Qatır satan ləşkərə sərdar ola, Sırf avam şəxs süpəhdar ola Dinmə, damşma, bu da yahu, keçər. Layihə təqdim edə İngiltərə, Hökm verə zabitə, həm əsgərə, Daxil edə Ləngə ilə Bəndərə, Dinmə, danışma, bu da yahu, keçər. Hacı Məmiş ayda bir arvad ala, Keyf eyleyə, işrət edə, dad ala, Xansənəmi boşlaya, Pərzad ala, Dinmə, danışma, bu da yahu, keçər. Beylərimiz qasdinara keyf edə, Destə ilə fahişəni zeyf edə, Verməyə pul millət üçün heyf edə, Dinmə, danışma, bu da yahu, keçər. İntelligentlər gezələr naz ilən, Gülşənara dilbəri-tənnaz ilən, Evdə qala Gülpəri Çimnaz ilən, Dinmə, danışma, bu da yahu, keçər. * * * Bir tuluq “O mələkzadətıi mütləq sevirəm”. Xalidbəy Səbribəyzadə Şeri-Cavidi görüb gülmüş idim, Demə, biçarədə yoxdur təqsir. Qəhqəhəylə uğunub ölmüş idim, Səbribəyzadəden imiş təğyir, Bən onu çox sevirəm, gop sevirəm. Yeni şair, o müdiri-məğlub, Görmüşə gülmüşü qılmışdı rədif, Gərək, əlbəttə, dəyişsin üslub, Qaba Qafqaz dilin etsin də zərif, Bən onu gop sevirəm, çox seviram. Gör nə xoş qafiyələr işlətmiş: Diqqət et, ağlayaraq, sallayaraq, Üdbayə dodağm dişletmiş, İki dedim, iki dedin sayaraq, Bən onu gop seviram, gop seviram. Heyfsən, qəti-ümid etmə, gözüm, Sən ki, varsan, səmər eylər Qafqaz, Hər söz ilə dəlirib, bitmə, gözüm, Dediyin, işlədiyindir dəmsaz, Səni bən çox seviram, çox sevirem. Kədərim yox, sevərim bən səni çox, Gözəlim, noəməlim, bibədəlim, Şüəra çeşminə əşannı sox, Sən xuram et, dalıdan bən də gəlim, Səni bən hey seviram, gop seviram. * * * Kitabxana.az · https://kitabxana.az/authors/salman-mumtaz İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.