Aşıq Abbas Tufarqanlı. Əsərləri Aşıq Abbas Tufarqanlı (1600–?) == Qoşmalar == Ana, Mövlam mənə buta veribdi Ağalar ağası, ağalar xası, Ana, Mövlam mənə buta veribdi. Düldülün sahibi, Qənbər ağası, Ana, Mövlam mənə buta veribdi. Haca gedər hacıların hacısı, Bilən olmaz şirin ağzın acısı, Mənim yarım Məmməd bəyin bacısı, Ana, Mövlam mənə buta veribdi. Mənim ağam Şahi-Mərdan Əlidi, Hökm eyləsə düşmən bağrın əridi, Abbas deyər, yarım adı Pəridi, Ana, Mövlam mənə buta veribdi. * * * Ayağına Qırxlar piri, özün yetiş dadıma, Bir də məni yetir yar ayağına. Üzün görüm, könül alsın təsəlli, Xmatək yaxılım əl-ayağma. Səmada ulduzlar sana gəlibdi, Yüz ilin xəstəsi cana gəlibdi, Ay həzərat, bir zamana gəlibdi, Yoxsul üzün sürtür mal ayağına. Abbas bu sözləri deyər özündən, Doymamışam yarın o gül üzündən, Ağlamaqdan bir pərinin gözündən, Düşübdü Gülgəzin xal ayağma. * * * Aydın olsun Gözəlliyi elə car olan Pəri, Gərdənə həmayil tax, aydın olsun! Sevdası sərimdə var olan Pəri, Sinəmi odlara yax, aydın olsun! Bir zamanlar dövran sürdüm sizinlə, Aşiq etdin söhbətinlə, sözünlə, Əzəl başdan mənə baxan gözünlə, İndi özgələrə bax, aydın olsun! Qul Abbası nə kənara atmısan, Hərcayilə ülfətini qatmısan, Deyəsən ki, taza aşna tapmısan, Sevdiyim, gözlərin çox aydın olsun! * * * Ayrıl Başma döndüyüm gülüzlü cavan! Halal himmət eylə, gəl ondan ayrıl! Bilməz idim belə hicran dərdini, Lütf elə, üzümə gül, ondan ayrıl! Qasid gəldi, qəsdən xəbər gətirdi, Əlif olan qəddim dala yetirdi, Axdı çeşmim yaşı üzüm götürdü, Eynim, adaların sil, ondan ayrıl! Eşqin atəşidi sinəmdə dəftər, Gecə-gündüz sənsən dilimdə əzbər, Sən ol bu Pəriyə buta verənlər, Qolunu boynuma sal, ondan ayrıl! * * * Ayrıldım Ay ariflər, qanlı fələk cəbrindən, Qohumdan, qardaşdan, eldən ayrıldım. Fərhad kimi çəkdim Şirin qəhrini, Cığa pərvaz etdi, teldən ayrıldım. Bir canım var, yar yolunda sadağa, Bal bülənib dilə, dişə, dodağa, Nə müddətdi bağban idim bu bağa, Dərmədim qönçəsin, güldən ayrıldım. Abbas deyər: yar ayrısı yamandı, Heç kəsə göstərmə, Allah amandı! Qınamayın, əlif qəddim kamandı. Dodaq qaymaq, dili baldan ayrıldım. * * * Ayrı salmasın Başına döndüyüm alagöz Pəri, Tanrı səni məndən ayrı salmasın. Haqq götürsün bu qarını aradan, Nişanəsi bu dünyada qalmasın. Gedəni gəlməsin, yatanı ölsün, Göz-göz olsun, qabıq qoysun, soyulsun, Hər yanına yetmiş piltə qoyulsun, Nə yığıb yerini salan olmasın. Ciyərin doğrasın bir alagöz bıçaq, Yeddi il yan yerdə uzansın naçaq, Qohumu-qardaşı düşsünlər qaçaq, Əhvalını xəbər alan olmasın. Sən pozmusan yazıq Abbas halımı, Mən sənə neylədim, Tanrı zalımı. Çəkim ciyərinə mən çəngalımı, Cənazənə yaxın gələn olmasın. * * * Ay bu yanda dur Başına döndüyüm alagöz Pərim, Apardın ağlımı, ay bu yanda dur! Ağıl başda deyil, ruh da bədəndə, Eylədin tarımar, ay bu yanda dur! Halaldandır mayam, bulunmaz haram, Qırxlar məclisində mən orda varam, Seyrağıb adamla heç olmaz aram, Şeytandı, felindən, ay bu yanda dur! Abbasam, dövranım, ay belə keçdi, Dolandı ruzigar, ay belə keçdi, Sallandı bir pərim, ay belə keçdi, O səbəbdən dedim, ay bu yanda dur! * * * Bab ola Hilal qaşlarına yüz bərəkallah, Ayın nə həddi var, ona bab ola. Canı yanar sənə aşiq olanın, Yata bilməz gözlərində xab ola. Qızıl güllər açılıbdı həmayin Yarın gəlməsini eylərəm təyin, Dedim gözəl, olaq gəl bir qol-boyun, Neylərəm dünyanı, qoy xarab ola. Abbas deyər: yar yarına varınca, Saraldı gül rəngi döndü narınca, Sən gözəli mən toruma salınca, Azca qaldı ömrüm bir turab2 ola! * * * Bar gəli Payız olcaq bağlar tökər xəzəli, Bahar olcaq bağçalara bar gəli. Bir igidin olsa baxtı, iqbalı, Cənnət bağçasından ona nar gəli. Ölkənizdə nə aşnayam, nə yadam, Dost yanında nə qəmginəm, nə şadam, Ay camaat, nə bəlalı səyyadam, Tor qururam tərlan üçün, sar gəli. Abbas deyər: gəncin üstü bədəndi, Qara bağrım dəlik, zədən-zədəndi, Ay həzarat, heç bilmirəm nədəndi, Aləmə gen dünya, mənə dar gəli. * * * Belə gedərəm Ağa Becan, sultan Becan, xan Becan, Ayrılmam Pərimdən, belə gedərəm. Alış Becan, tutmuş Becan, yan Becan, Ayrılmam Pərimdən, belə gedərəm. Gözümlə görmüşəm öz məkanımı, Yara qurban dedim şirin canımı, Öldürsən də halal etdim qanımı, Ayrılmam Pərimdən, belə gedərəm. Nə müddətdi dərin dəryaya daldım, O dəryadan dürr götürdüm, dürr aldım, Şikəstə Abbasam, binəva qaldım, Ayrılmam Pərimdən, belə gedərəm. * * * Bəyənməz Ay həzərat, bir zamana gəlibdir, Ala qarğa şux tərlanı bəyənməz. Oğullar atanı, qızlar ananı, Gəlinlər da qaynananı bəyənməz. Adam var ki, getməyəsən işinə, Adam var ki, dolanasan başına, Adam var ki, ayran tapmır aşına, Dindirərsən, yağlı nanı bəyənməz. Adam var, dağları gəzər sərsəri, Adam var, geyinər pustinən dəri, Adam var, mərfətdən yoxdur xəbəri, Adam var, sultanı, xanı bəyənməz. Adam var, dolanar səhranı, düzü, Adam var, döşürər gülü-nərgizi, Adam var, geyməyə tapammaz bezi, Adam var, al geyər, şalı bəyənməz. Adam var, çox işlər eylər irada, Adam var ki, yetə bilməz murada, Adam var ki, çörək tapmaz dünyada, Adam var, yağ yeyər, balı bəyənməz. Adam var ki, adamların naxşıdı, Adam var ki, anlamazdı, naşıdı, Adam var ki, heyvan ondan yaxşıdı, Dindirərsən, heç insanı bəyənməz. Adam var dəstinə verərsən güllər, Adam var, gözünə çəkəsən millər, Tufarqanlı Abbas, başına küllər, Nə günə qalmısan, qarı bəyənməz. * * * Bəd övladı əzəl başdan tanıram Bəd övladı əzəl başdan tanıram, Çör-çöp yığar, yad ocağın yandırar. Səhər durar ar-namusun gözləməz, Suyu tökər, öz ocağın söndürər. Ulğun cuşa gəlsə, köpük yağ olmaz Söyüd bar gətirsə, bağça, bar olmaz Zibil təpə olsa, güllük dar olmaz, Yel əsəndə alçaqlara endirər. Abbas bu sözləri deyər sərindən, Arxı vurun, suyu gəlsin dərindən, El bir olsa, dağ oynadar yerindən, Söz bir olsa, zərbi kərən sındırar. * * * Bilmədim Yeridim, yeridim, yetə bilmədim, Dərdü-qəm əlindən yata bilmədim. Bir yorğun ovçuydum, tuta bilmədim, Ovum qarlı dağlar aşdı da getdi. Yaxşı olar el içində qul adı, Çeşmim yaşı yar qapısm suladı. Könül quşu göydə qanad buladı, Qırdı şikar bəndin, uşdu da getdi. Mən Abbasam, yalan gəlməz dilimə, Qeyri bülbül qona bilməz gülümə, Tərlan düşdü mən nadanın əlinə, Ovlaya bilmədim, qaşdı da getdi. * * * Buradan səni Başma döndüyüm, ay qəşəng Əsmər, İstəməm gedəsən buradan səni. Mənim meylim elə sənlə xoş olub, Nə xoş xəlq eləyib yaradan səni. Gəlmə xoyrat, gəlmə, yolda qalasan, Seyrağıb əlində zəlil olasan, İki dostu bir-birindən eyləsən, Görüm haqq götürsün aradan səni. Gözəllər içində bəsli bəllisən, Tərlan cilvəlisən, yüz xəyallısan, Ağ sinəsi bir cüt qoşa xallısan, Görcəyin tanıdım oradan səni. Gözəllikdə sənin əvəzin hanı? Hüsnünü bəxş edib kərəmin kanı, Dağların maralı, çəmən ceyranı, Ovçular keçirməz bərədən səni. Aləm bilir, Adəm ata zatıyam, Göyü bilməm, yerin yeddi qatıyam, Şikəstə Abbasam, xərabatıyam, Könül, heç görmədim abadan səni. * * * Bu sabahları Bir səda eşitdim canan elindən, Oyandım yuxudan bu sabahları. Bir cavab almadım yarın dilindən, Görüm açılmasın bu sabahları. Ay qalxıbdı günortanın yerinə, Talıb olan qulluq eylər pirinə, İki sevgi yetsə biri-birinə, Tanrıya xoş gələr bu sabahları. Abbas deyər: müsəllaya varmadım, Əl uzadıb yar zülfünü hörmədim, Bir bağ saldım, güllərini dərmədim, Dərdilər, tökdülər bu sabahları. * * * Bu yandadı Gedər ikən bu ümmana tuş oldum, Bəhrlər çalxanır, göl bu yandadı. Boy gedər bir yana, buxaq min yana, Cığa pərvaz eylər, tel bu yandadı. Gülgəz dəli olub yoxsa divana? Üz çevirib gedir çöl-biyabana, Burdan bir yol gedir ol Tufarqana, Tamam qohum-qardaş, el bu yandadı. Hökmün Malik Əjdər, ismindi Ədhəm, Didələrim qan-yaş tökər dəmadəm, Lütf eylə Abbasa, qibleyi-aləm, Qadasın aldığım, yol bu yandadı. * * * Deyiləm Nə baxırsan gözü qanlı haramı? Sən deyən günahkar ha mən deyiləm! Hər şəhərin bir adı, bir sanı var, Mən Misir şəhriyəm, Yəmən deyiləm! Yarm qapısmda yüz qan eylədim, Əl uzatdım, çəkdim, üz qan eylədim, Bir könülə dəydim, yüz qan eylədim, Daha bir kəsinən yaman deyiləm. Abbas ağlar, libasmı soydular, Zülm eyləyib qönçə gülün dərdilər, Hərcayılar qaş oynadıb güldülər, Eylə deyil yarım, həmən deyiləm! * * * Dərbəndin Ay ağalar, gəlin tərif eləyim, Nə əcəb düşübdü yeri Dərbəndin. İsgəndər əlilə olub bərqərar, Çəkilibdi bürcü-barı Dərbəndin. Dərbənd gözəlləri qəsrdən baxar, Gələni-gedəni odlara yaxar, Cümədən-cüməyə seyrana çıxar Gəlini, qızları, dulu Dərbəndin. Dərbənd dedikləri bağçadı, bağdı, Alt yanı dəryadı, üst yanı dağdı, Çox əcəb gəzməli, səfalı çağdı, Xəstəyə şəfadı narı Dərbəndin. Sən gedirsən o Dərbənddə qalmağa, Ləldən-cəvahirdən ələ salmağa, Yeyib-yedirməyə, qonaq almağa, Səxalıdı oğulları Dərbəndin. Döşündə çeşmələr, zirvəsində qar, Gözəlində həya, iyidində ar. Elə ki, qış keçdi, açıldı bahar, Laləzardı sağı, solu Dərbəndin. Düyüsü əkilib Gilandan gəlir, Sürüsü çəkilib Muğandan gəlir, Çindən, Hindistandan, Yəməndən gəlir, Darçını, mixəyi, hili Dərbəndin. Düşməninə zalım, dostuna mərddi, Səyyadı alıcı, bərəsi bərkdi, Sıldırım qayalı, havası sərtdi, Hər yana işləyir yolu Dərbəndin. Cümə məscidində qılırlar namaz, Ağam Əli orda olub pişnamaz, Bu sözləri deyər binəva Abbas, Məhəmməd dəstində əli Dərbəndin. * * * Əzizim Gəzdim İsfahanı, nisfi-cahanı, Sənin kimi gözəl hanı, əzizim?! Dodağın şəkərdi, şəhdi mat eylər, Ağzın içi gövhər kanı, əzizim! Siyah zülfün dal gərdəni döydümü? Onun dərdi mənim qəddim əydimi? Zalım şahın ali sənə dəydimi? Dağıdaram xanimanı, əzizim! Qəmzəsi bəllidi qaşü-gözündən, Mən öpmədim yanağından, üzündən, Əyləmə qapında, çuğul sözündən, Abbas kimi növcavanı, əzizim! * * * Gedər Ay ağalar, gedənə bax, gedənə, Məni gözü yaşlı qoyub, yar gedər, Yüklənibdi qəflə-qatır, barxana, Sanasan ki, külli-aləm var gedər. Bizim yerin bənövşəsi bitibdi, Heyf, cavan ömrüm başa yetibdi, Kəcavəsi gedib gözdən itibdi, Dəvə bozlar, sarvan ağlar, nər gedər. Gəzdim alçaqları, gəzdim ucanı, Görüm yolda qalsın dəli Becanı, Yar yolunda qoyum bu şirin canı, Abbas ağlar, Pəri kimi yar gedər. * * * Getdilər Qasid gəldi yardan xəbər gətirdi, Necə çəkim ol fərağı, getdilər. Aşiq məşuqini qəhrə yetirdi, Çəkdilər sinəmə dağı, getdilər. Malü-mülkü verib axça aldılar, İlqarı verdilər, buxça aldılar, Barı tərk etdilər, bağça aldılar, Pərişan qoydular bağı, getdilər. Abbas, cavan ömrün sən verdin bada, Günü-gündən dərdin oldu ziyada, Yedilər, içdilər fani dünyada, Aldılar beş arşın ağı, getdilər. * * * Gəlin Sən ki, bu qaydada belə gözəlsən, Yoxdu gözəllikdə sənə tay, gəlin! Qaşların kamandı, kirpiklərin ox, Ağ üzündə qoşa xallar, ay gəlin! Haqq götürsün aralıqdan yamanı, Artsın seyrağıbın dərdi, amanı, Hər kim vursa sənlə mənim aramı, Düşsün evlərinə görüm vay, gəlin! Abbas deyər: qızılgülü dərginən, Dərib-dərib sinəm üstə sərginən, Ağ üzündən bir cüt busə verginən, Hesab eylə qonşuluqda pay, gəlin! * * * Gəlmədi Başma döndüyüm, qurban olduğum, Hara getdi baxtı qara, gəlmədi? Bülbül uçdu, soldu gülün yarpağı, Qismət oldu qönçə xara, gəlmədi. Şah hökmüylə xan üstünə xan getdi, Ağlar didəm, yaş yerinə qan getdi, Qol boşaldı, dil dolaşdı, can getdi, Axır apardılar dara, gəlmədi. Abbas deyər: bu ad yaman ad oldu, Cismim atəş, qoynum dolu od oldu. Mən can dedim canan məndən yad oldu, İndi uzaq düşdü ara, gəlmədi. * * * Gəlsin Bizdən salam olsun arif olana, Hər kəsin mənimlə varisə gəlsin. Cəhənnəmi indi ona göstərrəm. Hansı bəndə günahkar isə gəlsin. Zalım bəndə, uyma bunca qeybətə, Qeybət edən tez düşəcək zillətə, İskəndəri kim göndərdi zülmətə? Hər kim ondan xəbərdar isə gəlsin. Qızılgül bəslənir xəndan içində, Ənnabi ləblərin dəhan içində, Abbasam, durmuşam meydan içində, Kimə bu gen dünya dar isə gəlsin. * * * Görmüşəm Aradım Osmanı, gəzdim Əcəmi, Misri, İstanbulu, Şamı görmüşəm, Harda adı bəlli gözəl varsa da, Arayıb, axtarıb hamı görmüşəm. Fironü Firdövsi, Həmrudü Şəddad, Onlar da dünyada qoydular bir ad, Yüsiflə Züleyxa, Şirinlə Fərhad, Bəhram ilə Güləndamı görmüşəm. Mənə yarın hər sitəmi gözəldi, Ürəyimdə dərdi, qəmi gözəldi, Pərim qəşəng, gözəl, nami gözəldi, Çarü naçar o pəmamı görmüşəm. Abbasam, sözlərim dilimdə əzbər, Həkk olub sinəmdə dərdim bir dəftər, Şahım, sizin olsun məscidü-mənbər, Mən gözümlə müsəllamı görmüşəm. * * * Gülgəz Qurban olum səni çəkən nəqqaşa, Yetirdin dəstimi damana, Gülgəz! Qüdrət qələm çalmış o qələm qaşa, Bənzər əbruların4 kamana, Gülgəz! Gəl verək əl-ələ, çıxaq bu bağa! Gül gülə sarmaşır, budaq budağa, Üz-üzə dayanaq, dodaq-dodağa, Ağ sinən sinəmə dayana, Gülgəz! Üzəngini basım, Gülgəzim, atdan! Sən məni qurtardın alovdan, oddan, Abbasın sevdiyi, xabi-qəflətdən, Silkinib çıxasan bu yana, Gülgəz! * * * Xoş gəldin Başına döndüyüm ay Əsmər xanım, Təşrif qılıb sən bu bağa xoş gəldin. Süsəndən, sünbüldən dərib dəstinə, Mərhəmət eylədin, saya xoş gəldin. Hicran keçdi, könlüm natavan oldu, Qara bağrım laxta-laxta qan oldu, Dağıldı gözəllər, pərişan oldu, Əlif qəddim döndü yaya, xoş gəldin. Gözəllər içində bəsli, bəllisən, Şirin ixtilatlı, ləbi ballısan, Zənəxdanı bir cüt qoşa xallısan, Qatardan ayrılmış maya, xoş gəldin. Abbas deyər: halay-halay, a dağlar, Təbib görsə, yaralarım qan ağlar, Əsmər burdan getsə, boş qalar bağlar, Sən vermə ömrünü zaya, xoş gəldin. * * * İnciməsin Qədəm qoyub yar bağına gələndə Elə gəl, elə get, yol inciməsin. Şəkər ləblərindən mənə busə ver, Dodaq tərpənməsin, dil inciməsin. Bülbül fəğan eylər gül həvəsinnən, Qoşa nar asılıb yar sinəsindən. Elə gəl, elə get, bağ bərəsindən, Bülbüllər hürküşüb, gül inciməsin. Göylərdə oynayar şəms ilə qəmər, Sevgi sevgisinin ləbindən əmər. Belinə qurşanıb minadan kəmər, Elə qurşagıynan bel inciməsin. Abbas deyir, ağlıyanlar güləndə, Nazlı dilbər sorub halım biləndə, Mərhəmət eyləyib bizə gələndə, Elə gəl, elə get, yol inciməsin. * * * İndi Mən olmuşam dərdü-qəmin barkeşi, Qəmdən tikdirmişəm, nə qalam, indi, İstədim ki, yara bir namə yazam, Nə kağız tapılır, nə qalam2 indi. Bir ərzim var, mən də deyim şahanə, İlahiyə şükr eylərəm, şahə nə? Qorxuram ki, nazlı yarı şah ana, Yarsız bu dünyada nə qalam indi? Katiblər oxurlar Cuma da getdi, Ərənlər meraca cumada getdi, Abbas ağlar, Gülgəz cumada getdi, Nə qovğayam indi, nə qalam indi. * * * Kərimdi Başına döndüyüm gülüzlü ana, Gəlməsin Abbasım, Allah kərimdi. Dərdindən olmuşam dəli-divana, Gəlməsin Abbasım, Allah kərimdi. Fələk məni şad eləyib güldürü, Ağladıban çeşmim yaşın sildiri, Becan kəmfürsətdi, gəlsə öldürü, Gəlməsin Abbasım, Allah kərimdi. Gülgəz Pəri saralıban solunca, Qaynayıban peymanələr dolunca, Qoy gəlməsin Məhəmməd xan gəlincə, Gəlməsin Abbasım, Allah kərimdi. * * * Qaşların Dərs almamış açdım kitab oxudum, Möhtac deyil heç ustaya qaşların. Təzə çıxıb kamandarın əlindən, Bənzər üç gecəlik Aya qaşların. Ovçu olan durar dağ damanmda Dərdi olan durar dərdli yanında, Nə durubsan seyrağıbın dalmda, Veribdi ömrümü zaya qaşların. Bir xalın bəzirgan, bir xalın xoca, Hüsnün zəkatını ver mən möhtaca, Mən Abbasam, eyləməzdim iltica, Məni gətdi ilticaya qaşların. * * * Mahi-ənvərdi Könül bir cananm sevdasmdadı, Cismdə insandı, mahi-ənvərdi, Buyunu arzular bağçada bülbül, Bilmirəm, süsəndi, ya sənubərdi? Sevdiyimin hüsnü Qureyşin nuri, Yusifi-Kənandı, Çinin fəqfuri, Deyirlər, behiştdə çox olur huri, Onlar da köhnəlib, yar təzə-tərdi. Çoxu aşıqlığı asan şey sandı, Cəfasını gördü, çox tez usandı, Canım bir Pərinin oduna yandı, Qoy desinlər, Abbas üçün bir ardı. * * * Məni gör Dolannam başına misli-pərvanə, Həsrət gözü yolda qalan, məni gör! Eşqin sitəmindən, çarxın əlindən, Saralıb gül kimi solan, məni gör! Sər qoydum payəndaz, etdim üz yara, Bayqu kimi meydan vermə üz yara, Zülf pərişan, yaxa yırtıq, üz yara, Könlümü şikəstə bulan, məni gör! Şikəstə Abbasam, çəkərəm qəmi, Neylər mənə seyrağıbın sitəmi, Kərəmli soltanın budu kərəmi, Kərəmsiz, qəzəbnak olan, məni gör! * * * Nə gözəl imiş Bir gün bir nazənin gəldi güzara, Gülgəz simaları nə gözəl imiş. Qanovuz köynəyi, atlaz qoftası, Yaşıl basmaları, nə gözəl imiş. Yoxdu bərabərin sənin dəhirdə, Nə insanda, nə zərbafda, nə zərdə, Yaşılbaş sonatək titrəşir sərdə, Cığalı telləri, nə gözəl imiş. Söylədiyim sözlər layiqdi dosta, Dostu görməyəndə qalıram yasda, Saatı xoş vaxtda yaradan usta, Çəkibdi xalları, nə gözəl imiş. Aç hüsnün kitabm oxuyum baş-baş, Nəqqaşlar çəkmişlər nə gözəl qaş-daş, Qucubdu zər kəmər qabağından qaş, O qəddi dalları, nə gözəl imiş. Qurbanam cananın qələm qaşına, Abbası salıbdı eşq ataşına, Nişana alıbdı bağrım başına, Sancıbdı milləri, nə gözəl imiş. * * * Olmaz Özündən kiçiyi işə buyurma, Sözün yerə duşər, heç miqdar olmaz. Hər nə ki, kar görsən öz əlinlə gör, İnsan öz işində cəfakar olmaz. Özündən böyüyün saxla yolunu, Düşən yerdə soruş ərzi-halını, Amanat, amanat qonşu malını, Qonşu yox istəyən, özü var olmaz. Soruşun, Qul Abbas, halın necədir? Gündüzlərim ay qaranlıq gecədir. Sərv ağacı hər ağacdan ucadır, Əsli qıtdır, budağında bar olmaz. * * * Oynar Başına döndüyüm alagöz Pəri, Öz-özünə qeyri halman oynar. Cəvahir mətahı, dür xiridarı, Tutubdu dəstində, ləlinən oynar. Sənsiz görüm xarab qalsın bu bağı, Şeyda bülbül nə zövq eylər, nə zağı, Zülfü dal gərdəndə açıb məzağı, Ağ üzü münəvvər, xalınan oynar. Ay Abbas, Pərinin bəzi işləri, Yorğun maral kimi xoş baxışları, İncidən, sədəfdən, dürdən dişləri, Ağzı süd, dodağı balınan oynar. * * * Öp Könül, Məcnun kimi yayın dağlara, Əyil, bu lalənin budağmdan öp! Pərvanə tək dolan yarın başına, Arala tellərin, qabağından öp! Almaq olmaz nanəcibin qızını, Çəkmək olmaz bədəsilin nazını, O üzünü, bu üzünü, gözünü, Dilindən, dişindən, dodağından öp! Kitabda oxunan sina yaxşıdı, Seyrağıb gərdəni sına yaxşıdı Mən dedim: öpməyə sinə yaxşıdı, Könül ha yalvarır, buxağından öp! Bağçalar titrəşir bardan ötəri, Almadan, heyvadan, nardan ötəri, Abbas, ağlayırdın yardan ötəri, Dur, şahimərdanın ayağından öp! * * * Pəri Nə gülürsən mənim kimi gülüncə, Sən mənə gülüncə, dərdə gül, Pəri! Alişan otaqda, gülşən bağçada, Süsəni, sünbülü dər də gül, Pəri! Səninlə gəzirdik Təbrizdə bağı, Sinəmə çəkirsən dağ üstdən dağı, Bəndə saldın mənim kimi dustağı, Çox məni qoyubsan darda, gül, Pəri! Abbas gətirildi dar ayağına, Xınatək yaxıldım yar ayağına, Yoxsulu çəkərlər var ayağına, İndi mənim kimi mərdə gül Pəri! * * * Pərim Səhər-səhər sərçeşmələr başında, Gün kimi dağlara yayılan Pərim! Hər kəs məndən sənə yaman qandırsa, Ya əqrəb dişləsin, ya ilan, Pərim! Qovma dərgahmdan şirin nökəri, Geymərəm hər şalı, hər qələmkəri, Hicran xəstəsiyəm, yeməm şəkəri, Qoynundakı nara qayılam, Pərim! Götür sürməni çək qaşına gəlsin. Çal əyri çalmanı başma gəlsin, Abbasın sözləri xoşuna gəlsin, Hurilər qızından sayılan Pərim! * * * Sarı gəl, sarı Başına döndüyüm, alagöz Pəri! İnsaf eylə bizə sarı gəl, sarı. Leyli-nahar1 həsrətini çəkməkdən, Gül rəngim olubdu sarı, gəl, sarı. Səninlə gedərdim Təbrizdə bağa, Qışda ağ otağa, yayda yaylağa, İndi mən öləndə özün bük ağa, Zülfünə tabutum sarı, gəl, sarı. Canım qurban olsun həmişə mərdə, Ay yaradan, fürsət vermə namərdə! Abbası salıbsan bulunmaz dərdə, Dərmanı özündə sarı, gəl, sarı. * * * Sənə qurban Qadasın aldığım, nədən məlulsan? Əgər lal isənsə, dil sənə qurban! Gümüş neştər ilə tökdün qanımı, Nazik əllərinlə sil, sənə qurban! Mal gedər otlayar dağın içində, Piltə şölə verər yağın içində, Bağbanı dindirdim bağın içində, Dedi: süsən, sünbül, gül sənə qurban! Başına döndüyüm, gözləri xəndan, Turunclar baş verib çıxıb yaxandan, Dedim: gözəl, bir busə ver o xaldan, Acıqlandı dedi: al, sənə qurban! * * * Sudan gəlir Başma döndüyüm alagöz Pəri, Elə bildim sonam bu sudan gəlir. Müjgan atdı, dəydi, keçdi sinəmdən, O cadı qəmzələr, busudan gəlir. Başına örtübdü kalağay, gəzər, Əyri tel üstündən qızıl düymələr, Belinə yaraşıb zərbafdan kəmər, Çəpkənli, çarğatlı ağ bədən gəlir. Abbasam, yetirdim aman-amana, Nə ola bir əlim çata canana. Qoynu içi dönüb taza bostana, O sərxoş sevdiyim hamamdan gəlir. * * * Var mənim İsfahan mülkündən gələn xocalar, Bu canımda intizarım var mənim. Biri hicran, biri möhnət, biri qəm, Qəm evliyəm, xiridarım var mənim. Ala gözün xumarlayıb süzməsin, Ay qabağa qızıl, inci düzməsin, Deyin yara, əl duadan üzməsin, Ürəyimdə ahu-zarım var mənim. Mən Abbasam, gəlsin könlüm aradan, Oxudum dərsimi, çıxdım qaradan, Sən bilirsən, yeri-göyü yaradan, Gülgəz Pəri kimi yarım var mənim. * * * Yada sal məni Başma döndüyüm, alagöz Pəri, Gahdan ağla, gahdan yada sal məni. Qara bağrım şan-şan oldu, dəlindi, Gahdan ağla, gahdan yada sal məni. Bağban idim, bağım təğayir oldu, Gözüm gördü, ağlım təğayir oldu, Xoryat əli dəydi, təğayir oldu, Gahdan ağla, gahdan yada sal məni. Mən sənə can dedim, sən də mənə can, Alış eşq oduna, mənim kimi yan, Adım Aşıq Abbas, yerim Tufarqan, Gahdan ağla, gahdan yada sal məni. * * * Yar Könül qəmgin, səhraları gəzirəm, Nə insafdı, mən də sənsiz qalım yar. Gözüm görür, yarlı yarın dindirir, İstərəm ki, səndən kamım alım, yar. Gizlin-gizlin sənlə etdiyim ilqar, İndi bildim sənə yoxmuş etibar, Hər kim versə yardan mənə bir xabar, Şirin canım ona müjdə qılım, yar. Ayrı düşdüm vətənimdən, elimdən, Bülbülümdən, gülşənimdən, gülümdən, Mən nə dedim, sən incidin dilimdən, Həsrət qaldım, mən dərmədim gülüm yar. Abbas deyər: tərk eylədim elimi, Bir dərmədim ağ sinəndən gülümü, Arada var çərxi-fələk ölümü, Qoy camalın görüm, ondan ölüm yar. * * * Yarım apardı Başma döndüyüm, qurban olduğum, Qoyma, dəli Becan yarım apardı! Alışıb oduna büryan olduğum, Qoyma, dəli Becan yarım apardı! Şah Abbas hökmüylə naməni yazır, Qurub kecavəni olubdu hazır, İsfahandan gəldi bu zalım vəzir, Qoyma, dəli Becan yarım apardı! Mən Abbasam, heç vaxt söyləməm yalan, Elimə, ölkəmə saldılar talan, Xoca, dəli Becan, Allahverdi xan, Qoyma, dəli Becan yarım apardı! * * * Yetişər Gözəl Pəri, mənlə yaman başlama, Mənim ərzim gedər, xana yetişər, Qaşların ləl olsa, yoxdu qiyməti, Min tüməndi, bəzirgana yetişər. Məclisinə sürahilər düzülər, Ala gözlər xumarlanıb süzülər, Bir muyun üzülsə, canım üzülər. Zəlzələsi al-Osmana yetişər. Abbas deyər: Pərim niqabı atdı, Camalm göstərdi, günü yubatdı. Ağ üzdə xalların Misri-nabatdı, Səkkiz cənnəti-rizvana yetişər. * * * Yüz ilə Qədir mövlam, budur səndən diləyim, Görüm yarın ömrü yetsin yüz ilə, Artıq ola malı, mülkü, dövləti, Altmış nəri bir qatara düzülə. Sədəf incə, dodaq incə, dil incə, Canım çıxdı yar könlünü alınca Ölüm yeydi bu dünyada qalmca, Bir igid ki qatarından üzülə. Qaşlarına çəkilibdi, bil, qələm, Ağız davat, göz mürəkkəb, dil qələm, Yalan desəm çək gözümə mil, qələm, Sənəd verrəm, qulun ollam yüz ilə. Abbas deyər: dildəki hərf neçədir Neçə gövhər, neçə ləl, neçə dür, Sanamadım zülfün muyu neçədir, Qorxuram ki, şana dəyə, üzülə. * * * Zülümdü mənə Bircə insaf eylə, a zalım Becan, Ayırma Abbasdan, zülümdü mənə. Sənsən bu ölkəyə ədalət, divan, Ayırma Abbasdan, zülümdü mənə. Becan, sən eyləmə qəddimi kaman, Aşiqəm məşuqə, çəkdirmə aman, Sən olasan o duz-çörək, nəmək-nan, Ayırma Abbasdan, zülümdü mənə. Pəri dərd əlindən yetişdi cana, Oldum yar eşqindən dəli-divana, Qəflə-qatır işlər o Tufarqana, Ayırma Abbasdan, zülümdü mənə. * * * == «El şairləri»ndən == Sındırar Maymaq uşaq əzəl başdan bəllənər, Ev sirrini qonşulara qandırar, Axşamacan küçələrdə veyillənər, Od ufurub yad çırağın yandırar. Arnoğuz çobu köpək və bərə rübaı olmaz, Bu su-kudlər bitən bağdan bağ olmaz, Yerdən torpaq yığmaq ilən dağ olmaz, Yel əsəndə alçaqlara yındırar. Aşıq Abbas, söylə sözün sirrindən, Arxı arıd suyu çıxsın dərindən, El bir olsa dağ tərpənər yerindən, Kənd bir olsa zərbi Sindan sındırar. * * * == Gəraylılar == Bənzər Pərim, sənin məmələrin, Mən bilmirəm nəyə bənzər?! Biri yasin surasına, Biri əlif-beyə bənzər. Biri mimdi, biri cimdi, Bunnarı xəlq edən kimdi? Biri səhər doğan gündü, Biri axşam aya bənzər. Biri Bağdadın xurması Biri Alxatın alması, Biri şəkərin xırdası, Biri şamamaya bənzər. Abbas deyər ağlım çaşır, Qolların boynum danaşır. Duruf taxt üstə boylaşır, Bir cüt şahzadəyə bənzər. * * * Bilmərəm Başına döndüyüm pərim, Get pərim, gələ bilmərəm. Sənə kömək olsun tanrım, Get pərim, gələ bilmərəm. Peymanələr dolmayınca, Gülkəz rəngim solmayınca, Şahdan izin olmayınca, Get pərim, gələ bilmərəm. Usta ol, ustanı tanı, Üstümüzdə durub qanı, Qul Abbasın din, imanı, Get pərim, gələ bilmərəm. * * * Dilbər Uca dağların başına, Qorxuram qar yağa, dilbər! Aldın ağlımı başımdan, Saldın dağdan-dağa, dilbər! Güllərin içində güləm, Oxuyan şeyda bülbüləm, Mən bir qolu bağlı qulam, Sən olmusan ağa, dilbər! Gullərin içində xaram, Gül üzünə intizaram, Mən əvvəlki köhnə yaram, Dolan soldan-sağa, dilbər! Sən arısan, mən də şana, Dərdindən oldum divana, Saldırmısan bəndərxana, Dolan gəl otağa, dilbər! Qul Abbasın gözü səndə, Olmuşam divanə mən də, Bir cüt şamama sinəndə, Endir tağdan-tağa, dilbər! * * * Çağladı Xəbər aldım təbrizlidən, Məni hərcayı çağladı, Viran bağlar xəzəl oldu, Didələrim qan ağladı. Bülbüləm, dala qonaram, Zərgərəm, gümüş yonaram, Elə bu dərdə yanaram, Xoryat söz məni dağladı. Abbasam, yoxdu məkanım, Sənə qurbam şirin canım, Ölkəmizdə Pəri xanım, Sidqimi mövla bağladı. * * * Eyləsin Duman, gəl get bu dağlardan, Dağlar taza bar eyləsin. Nə gözlərim səni görsün, Nə könlüm ğubar eyləsin. Haşa, sevdiciyim haşa, Deyilənlər gəldi başa, Bir yandan özün tut daşa, Bir yandan el car eyləsin. Abbas ağlar zarı-zarı, Getməz könlünün qubarı, İlqarından dönən yarı Tanrı tezbazar eyləsin. * * * Əylənməz Duman, gəl get bu dağlardan, Bahar gəldi, qar əylənməz. Bu dünya bir bivəfadı, Gözəldə ilqar əylənməz. Gözəlin qaşı qaradı, Bayqunun meyli haradı? Bu dünya karvansaradı: Hər gələn qonar, əylənməz. Abbas deyər hac olanda, Kəbəyə merac olanda. Doğru yoldan gəc olanda, Namus gedər, ar əylənməz. * * * Gəlmədi Oğrun yollara baxmaqdan, Bağrım qan oldu, gəlmədi. Ağlamaqdan eynim yaşı, Bir ümman oldu, gəlmədi. Mənim yarım boyu bəstə, Dərdindən olmuşam xəstə, Gözüm qalıbdı yol üstə, Yenə dan oldu, gəlmədi. Dağların qarı söküldü, Axdı, çaylara töküldü, Abbas deyər, bel büküldü, Qədd kaman oldu, gəlmədi. * * * Gedirəm Durum dolanım başına, Ala gözlü yar, gedirəm. Ölsəm, boynuna sadağa, Qalsam, intizar gedirəm. Mərd ilə eylə ülfəti, Çəkmə namərddən minnəti. Bülbül qızılgül həsrəti, Qışı, yazı var, gedirəm. Abbas deyər, gül bəhsidir, Bundan artıq dərd hansıdı? Ayrılığın vədəsidir, Gəl könlümü al, gedirəm. * * * Getdi Geçə-gündüz qan ağlaram, Göz yaşım ümmana getdi. Şirin canım yar yolunda Olmağa qurbana getdi. Doymadım yarın dilindən, Qucmadım incə belindən, Aldılar yarı əlimdən, Qarğana-qarqana getdi. Hər nə oldu mənə oldu, Qaynadı peymanam doldu, Desələr, Abbas necoldu? Deyin, Tufarqana getdi. * * * Gecə-gündüz qan ağlaram Gecə-gündüz qan ağlaram, Mənimki ah-zarınandı. Mən yarı bivəfa gördüm, Qol-boyun əğyarınandı. Sallaiıb gəl bizə, gəlin, Ağ üzündə siyah telin, Bülbül çox istəyir gülün, Gülün meyli xarınandı. Boynuna salmısan bağı, Sinəmə çəkmisən dağı, Abbasın şəfa tapmağı Qoynundakı narınnandı. * * * Gecə-gündüz fəğandayam Gecə-gündüz fəğandayam, Mənəm eşqin natavanı. Taladaram mahalları, Boş qoyaram bu meydanı. Bilmirsənmi haralıyam? Ağlı, göylü, qaralıyam. Yüz yerimdən yaralıyam, Sinəmdə zənbur nişanı. Hökmünlə yazdım fərmanı, Kim eylər dərdə dərmanı, Pəriyəm, şahın qurbanı, Abbassız istəməm canı. * * * Məzə dağı Yenə gəlib bahar fəsli, Süsən, sünbül, Məzə dağı, Açılıb güllər, nərgizlər, Bənəfşələr, bəzə dağı. Siyah zülfləri hörünsün, Dal gərdəninə bürünsün, Alçaq olsun yar görünsün, Bir görünsün gözə dağı. Bülbüllər uçdu gülümdən, Oldum ulusu-elimdən, Abbas qara qul əlindən, Qan ağlayıb gəzə, dağı. * * * Məni Bar ilahim,qismət eylə Yara yoldaş elə məni. Mən ona can qıyar olsam, O sevsin baş ilə məni. Ağladırsan, güldürursən, Çeşmim yaşın sildirirsən, Cəllad kimi öldürürsən, O göz, o qaş ilə məni. Abbas deyər: səni tarı, Çıxart könlündən qubarı, Sevər olsan özgə yarı, Yandır atəş ilə məni. * * * Mənim Gecə-gündüz qan ağlaram, Artıbdı fərağım mənim. Başımı alıb gedərəm, Tutduğca ayağım mənim. Fələk salıb işim ləngə, Düşmüşəm qovğaya, cöngə, Aşaram Hində, Firəngə, Alınmaz sorağım mənim. Abbas qürbət elə varsa, Namərd olar dala qalsa, Deyilənlər gerçək olsa, Sönübdü çırağım mənim. * * * Neylər Leyli yarım qəmər hüsnü, Bu boyu, tələti neylər? Yar ləbindən şəkər əmən, Şəkəri, şərbəti neylər? Siyah zülfü kəmənd olan, Dahani dolu qənd olan, Əzəl ilqara bənd olan Sənədi, sərxətti neylər? Abbas ağlar-gülər olsa, Göz yaşını silər olsa, Bir yar ki, dərd bilər olsa, Göz, qaş işarəti neylər? * * * Könlüm Nə ağlarsan, nə sızlarsan, Bir dərdi beş olan könlüm! Axırda zünnar bağlarsan, Qəmə yoldaş olan könlüm! Bir yar gəlir obasından, Alım dərdü-bəlasından, Çərxi-fələk badasından İçib sərxoş olan könlüm! Abbas ağlar arsız-arsız, Dünya olub etibarsız, Deyirdin dözərəm yarsız, Döz, bağrı daş olan könlüm? * * * Olmaz Bir gözəl oxladı məni, Belə əbru-kaman olmaz. Göydən huri mələk ensə, Onun kimi qılman olmaz. Kabab yanar közü ilə, Danış yarın özü ilə. Müxənnəslər sözü ilə, Yar ha yardan yaman olmaz. Aşıq Abbas yana-yana, Yandı bağrım, döndü qana. Bir namə yaz Tufarqana, Daha səndən aman olmaz. * * * Vaxtıdı Budu gəldi bahar fəsli, Dağların lala vaxtıdı. Açılıbdı qızıl güllər, Bülbülün bala vaxtıdı. Bülbüllər dolandı bağı, Bir xəlvət eylə otağı. Sənə qurban olum saqi, Mey ver, piyalə vaxtıdı. Mən Abbasam, boyu bəstə, Dərdindən olmuşam xəstə. Al başımı dizin üstə, Çal yataq, layla vaxtıdı. * * * Yarım mənə vədə verdi Yarım mənə vədə verdi, Dedi, gəl gəz buralarda. Qara bağrım şan-şan oldu, Sızıldaşır yaralar da. Siyah zülfün beldən aşır, Süsən sünbülə dolaşır, Gözəllik sənə yaraşır, Dur, dolanaq aralarda. Abbas ilə xoş danışan, Ağ üzündə danə nişan, Kəklik kimi qaqqıldaşan, Qaqqıldaşar haralarda? * * * Yar gəlmir Oğrun yollara baxmaqdan, Bağrım qan oldu, yar gəlmir. Ağlamaqdan eynim yaşı, Sel ümman oldu, yar gəlmir. Mənim yarım boyu bəstə, Dərdindən olmuşam xəstə, Yəqin çıxıbdı taxt üstə, Yoxsa xan oldu, yar gəlmir. Dağların qarı söküldü, Axdı, çaylara töküldü, Abbas deyər, bel büküldü, Qədd kaman oldu, yar gəlmir. * * * Yar gəldi Dərdli könlün məlul çağı, Budu, yar gəldi, yar gəldi! Aşığın çeşmi çırağı, Budu, yar gəldi, yar gəldi! Seyrağıblar başım qatdı, Sözüm dərəcəyə çatdı, Üzündən niqabı atdı, Budu, yar gəldi, yar gəldi! Mən Abbasam çəkməm ahı, Gördü gözüm gözəl mahı, Olmuşam yarın məddahı, Budu, yar gəldi, yar gəldi! * * * == Təcnislər == Ay ağa, haray Xaliqi ləm-yəzəl, vahidi-yekta, Salma nəzərindən, ay ağa, haray!.. Mən ki, qovruluram tənə sözüynən, Pərvanə tək yandım, ay ağa, haray!.. Başına döndüyüm ala yapışır, Zər-zərbaf geyinib, ala yapışır, Mərdin qaydasıdı – ələ yapışır, Seyrağıb əl atar ayağa, haray!.. Kəbədən gələnin bu müşk gülünə, Bülbül, əhvalını demiş gülünə, Şikəstə Abbasın bu müşkülünə, Sən özün yet dada, ay ağa haray!.. * * * Gəz indi Atasınnan, anasınnan, Gül gəzindi, gül gəzindi. Atasınnan, anasınnan Gül, gəz, indi, gül, gəz, indi. Yarı ağ libada gördüm, Yarı ağlı badə gördüm, Yarı ağlı bada gördüm, Gülgəzindi, Gülgəzindi. Sən məni ağlama da gör, Sən məni ağlamada gör, Sən məni ağlamada gör, Gülgəz indi, Gülgəz indi. Bu işdə əyandı Abbas, Bu iş də dayandı Abbas, Bu iş də də yandı Abbas, Gül, gəz indi, gül, gəz indi. * * * Gül, Pəri Nə gülürsən, mənim kimi gülüncə, Sən mənə gülüncə, dərdə gül, Pəri! Alişan otaqda, zərnişan bağda, Süsəni, sünbülü dər də, gül, Pəri! Bir zaman gəzirdik Təbrizdə dağı, Sinəmə çəkirsən dağ üstdən dağı. Bənd edibsən mənim kimi dustağı, Sən məni qoyubsan darda, gül, Pəri! Abbas gətirildi dar ayağına, O qulaş qolların sal ayağına. Qanından xına yax əl-ayağına, İndi mənim kimi mərdə gül, Pəri! * * * Dərd ayağından Başına döndüyüm, ay Gülgəz Pəri, Çəkərəm hicranı dərd ayağından. Elin töhmətindən, fələk cəbrindən, Düşmüşəm çöllərə dərd ayağından. Pərim, sənin üzün görən tər salar, Öldürsələr meyli dönməz tərsalar, Hicrandan məşq alar, qəmdən dərs alar, Sən mənə dərs verdin dərd ayağından. Qabaq Aydır, zülf buluddur, üz gündür, Sənsiz mənim bir saatım yüz gündür, Heç demirsən, qul Abbasım üzgündür, Qəm başından tutar, dərd ayağından. * * * Halısan barı Müşərrəfəm, dilbər, sənin yolunda, Dünya şövkətinnən xalı san barı. Uğradıbsan məni Əyyub dərdinə, Dərmanım səndədir, halısan barı? Sallana-sallana oda gedərsən, Yandırıb cismimi oda gedərsən, Nahaq dilbər, sən da oda gedərsən, Od budu — sinəmdə xalis anbarı. Xalı yıxşırılır var ayağına, Yoxsul üzün sürtür var ayağına. Abbas, əlin yetsə yar ayağına, Döşən payandaz, ol xalı, sən barı. * * * Nə qələm indi Mən olmuşam dərdü qəmin barkəşi, Qəmdən tikdirmişəm nə qalam indi. İstədim ki, yara bir namə yazım, Nə mürəkkəb tapdım, nə qələm indi. Leyli Məcnun məskənini dağ etdi, Sinəsi üstün düyün etdi, dağ etdi. Fələk vurdu, ləşkərimi dağıtdı, Ləşkərim qalmadı, nə qalam indi. Bir ərzim var, mən də deyim şahana, İlahiyə şükr eylərəm, şaha nə? Qorxuram ki, nazlı yarı şah ana, Nə qovğayam indi, nə qalam indi. Kitablar oxuyub, cimadə getdi, Məhəmməd meraca cumada getdi, Abbas ağlar, Gülgəz Cuma da getdi, Pərisiz dünyada nə qalam indi. * * * Varsağını gör Əttar dükanında bir molla gördüm, İtirib imanın varsağını gör! Əcəl piyaləsin dutub dəstində, Doldurub zəhrinən var sağını gör! Bitib dost bağında canım alması, Üzmə, kamil deyil, canım, alması. Necə qəbul elər, canım alması Doğram-doğram eylər varsağını gör! Qıvlagahım başım üstən baş bular, Hamılardan artıq bular, baş bular. Mənim pərim fəqan eylər, baş bular, Tilazar sırğanın varsağını gör. O kəkil bitəndə, bu can itəndə, O canda tapılar bu canitəndə. Abbas, necə ki, var bu canı təndə, Ara könüllərin var sağını gör! * * * Ya mən deyiləm Nə baxırsan gözü qanlı haramı? Sən deyən günahkar ya mən deyiləm. Hər şəhərin bir adı, bir sanı var, Mən Misir şəhriyəm, Yəmən deyiləm. Yarın qapısında üz qan eylədim, Əl uzatdım, çəkdim üz qan eylədim, Bir könülə dəydim, yüz qan eylədim, Mən ki, bir kəs ilə yaman deyiləm. Abbas ağlar, libasmı soydular, Zülm eyləyib qönçə gülün soydular, Hərcayilər qaş oynadıb soydular, Elə deyil, yarım, ya mən deyiləm. * * * Yara yüz Ağlaya-ağlaya düşdüm yollara, Yar ayrısı dərdü-möhnət, yara yüz. Dərdim oldu əvvəlkindən beşbetər, Şan-şan oldu qara bağrım, yara yüz. Tutdum yar əlindən bəlkə sağalam, Saqi məstü, saqi sərxoş, saqi lam, Çətin, çətin bu yaradan sağalam, Dərd bir oldu, dərman doxsan, yara yüz. Mən Abbasam, yara qurban yar üçün, Doğra bağrım, kəs ciyərim yar üçün, Yar odur ki, bu dünyada yar üçün, Yaxa yırta, zülf dağıda, yara üz. * * * == Cığalı təcnislər == Göz ala Bir gözəlin şövqü düşüb cahana, Yoxdur sənin kimi gözəl, göz ala. Mən aşiqəm Cahana, Canım qurban Cahana, Haqqın əziz bəndəsi, Xoş gəlmisən cahana. Yaradıb yaradan salmış cahana, Yoxdu sənin kimi gözəl, göz ala. Bağbansan bağa bax, bağ işini gör, Bağ bəslə, bağ becər, bax işini gör, Aşıq, bax, işini gör, Bağa bax, işini gör, Nə yatdın, kamil ovçu, Maralın baxışını gör. Hələ sən tərlanın baxışını gör, İstəyir canımı gözəl göz ala. Abbas deyər: mən qurbanam sənə yar, Uzun boylu, tuti dilli sənə yar. Mən aşiqəm sənə yar, Sənəd verdim sənə yar, Qərib aşıq, qürbət el, Canım aldın sən, a yar. Dolandım dünyanı neçə sənə yar, Görmədim sən kimi gözəl, göz ala. * * * == Gəraylı təcnislər == Gülgəz indi Atasınnan, anasınnan, Gül gəzindi, Gül gəzindi. Atasından, anasından Gül, gəz, indi, Gül, gəz, indi. Sən məni ağlama da gör, Sən məni ağlamada gör, Sən məni ağlamada gör, Gülgəz indi, Gülgəz indi. Yarı ağ libada gördüm, Yarı ağlı badə gördüm, Yarı ağlı bada gördüm, Gülgəz indi, Gülgəz indi. Bir işdə Abbas dayandı, Bir işdə Abbas da yandı, Bir işdə Abbas da yandı, Gül, gəz indi, gül, gəz indi. * * * == Bağlamalar == Neçədi Şikəstə könlümün məqsudu usta, Bu Təbrizin sonaları neçədi? Tikilibdi çarşıları yanaşı, Sarayları, binaları neçədi? Ərənlər üstümdə oldu nümayan, Bir camal göstərdi, bəyan və bəyan, Bir səf mələk gördüm, bir səf də qılman, Dal gərdəndə siyahları neçədi? Müştaq oldum bir Pərimin tağına, Canım qurban olsun xoş yığnağına, Mən Abbasam, girsəm xublar bağına, Eyvan, otaq, xanaları neçədi? * * * == Dastanlar == Abbas və Gülgəz USTADNAMƏ Dərdü qəmin ərbabıyam, Dərdlər məndən irad olmaz. Gündə yüz min xəyal eylər, Mənim könlüm bir şad olmaz. Göyə çəksə baş tayalar, Fələk onu tez payalar, Hər külüng çapmaz qayalar, Hər iyiddən Fərhad olmaz. Dərviş olan baxmaz pusta, Uslu olan olar usta, Güvənmə bivəfa dosta, Bivəfadan imdad olmaz. Səhər bağın əsər badı, Dostundan istə muradı, Mövlam yaradıb Muradı, Hər kəs Dəllək Murad olmaz. Aşıqlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun. Bir adam ki, sənlə ülfət eyləsə, Yəqin onun əsil zatı yaxşıdı. Namərd sənə quzu-pov yedirsə, Mərdin quru məhəbbəti yaxşıdı. Dad, həzar çəkərəm pərgarsız sazdan. Ver, qurtar əlindən nəzir-niyazdan, Söyləyən qarıdan, gəzəyən qızdan, Güləyən gəlindən lotu yaxşıdı. Aşıq olan sözün söyləyər başdan, Salla – baş adamdan, ürəyi daşdan, Bədnəzər qonşudan, bədcins yoldaşdan, Qədir bilənlərin iti yaxşıdı. Aşıq Hüseyn söylər kəlməni teydən, Dərsimi almışam əlifdən, beydən, Çörəksiz otaqdan, gözəlsiz öydən Çölün, biyabanın otu yaxşıdı. Ustadlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, namərdlər saralıb solsun. Bü dünyada kamal nədi, var olan, Ağlı az olsa da başdı, deyərlər. Ixtiyarı xəlayiqə car olan, Adam cərgəsinə keçdi, deyərlər. Bayquş olub viranalıq eyləsə, Məcnun kimi divanalıq eyləsə, Nə qədəri vecsiz kəlam söyləsə, Ağzından cəvahir saçdı, deyərlər. Arayıban xiridarın tapgilan, Xüffət çəkib, namus-arın tapgilan, Aşıq Kamal bərabərin tapgilan, Indən sonra sənə yaşdı, deyərlər. Dostlar, sizə haradan, kimdən xəbər verim, Tifarqanda1 Xoca Mayıl adlı bir adam var idi. Xoca Mayılın Abbas adlı çox ağıllı bir oğlu var idi. Bir gün Xoca Mayıl bərk xəstələndi, arvadını yanına çağırıb, vəsiyyət elədi: – Oğlum, Abbas hankı sənəti xoşlasa qoyarsan o sənəti öyrənər. Elə həmin gün Xoca Mayıl canını tapşırdı sizə. Xoca Mayılı dəfnkəfn eləyib, basdırdılar. Yeddi gün, yeddi gecə yas saxladıqdan sonra anası Abbası çıxartdı şəhərə. Hara apardısa, Abbas heç bir sənəti bəyənmədi. Ta ki, gəlib mədrəsəyə çıxdılar. Abbas mədrəsəni gördü, dedi: – Ana, mən oxumaq istəyirəm. Anası çox sevindi, onu mollanın yanına gətirdi. Molla arvada dedi: – Nə qulluq? Arvad dedi: – Bu uşağı gətirmişəm, oxudasan. Molla dedi: – Yaxşı, nə deyirəm, oxudaram. Arvad Abbası mollanın yanında qoydu. Abbas başladı oxumağa. Bir gün molla başqa yerə getmişdi. Abbas da uşaqları başına yığmışdı, əlini qulağına verib şikəstə deyirdi. Molla qayıdanda onun səsini eşitdi, gizlindən baxıb gördü ki, oxuyan Abbasdı. Molla içəri girib, Abbasın ayağını falaqqaya saldı. Ayaqlarına o ki, var idi o qədər döydü ki, ayaqlarının bir qabıq dərisi getdi. Abbas ağlaya-ağlaya evlərinə gəlib, anasına dedi: – Mən ta oxumağa getməyəcəyəm. Molla məni falaqqaya salıb döyür. Anası nə qədər cəzə-fəzə elədisə Abbas oxumağa getmədi. Hacı Seyid oğlu Saqi Abbasın dostu idi. Bir gün Abbas Saqi ilə bağa gəzməyə getmişdi. Bir qədər gəzəndən sonra hərəsi uzanıb bir ağacın dibində yatdı. Saqi bir vaxt yataqdan qalxıb gördü axşamdı, amma Abbas yuxudan hələ ayılmayıb. Nə qədər elədi, Abbası ayılda bilmədi. Tez gedib Abbasın anasına, bacısına, qonşularına xəbər elədi. Səs düşdü, hamı tökülüb gəldi. Nə qədər elədilər Abbası oyada bilmədilər. Onu elə yuxulu götürüb evə gətirdilər. Bütün rəmmallar, qarılar yığıldılar, bunu hərə bir yerə yozdu. Kimi dedi dəli olub, kimi dedi başına hava gəlib. Bir qarı onun nəbzini tutub dedi: – O eşq yuxusundadı, sabah ayılacaq. Sabah açılan kimi Abbas yuxusundan ayılıb dedi: – Ana, bu camaat bura niyə yığılıb? Anası əhvalatı ona söyləyib dedi: – Oğul, dərdin nədi? Abbas dedi: – Bir ucu çömçə, bir ucu nimçə gətirin, dərdimi deyim. Gedib Abbasa bir saz gətirdilər. Abbas sazı sinəsinə basıb, görək nə dedi: Ruzi-əl-məhşərdə mövlam eşqinə Içmişəm kövsərdən bir cami-ləziz. Iskəndər axtardı, tapıb içmədi, Xızır içdi oldu cəvanü əziz. Mələklər geyinib sündüstə braq, Şəmsü qəmər göydə vurur mayallaq. Şərabi-əntəhür, bir əcəb bulaq – Süddən ağdı, tamı şəkərdən ləziz. Xudaya, Abbası eyləmə zəlil, Yetişsin dadimə Cabbarü Cəlil; Göndərdin quranı bəndəyə dəlil, Şükr, biz də tapdıq imani-əziz. Arvad dedi: – Oğul, mən indi başa düşdüm. Bir qıza aşiq olmusan. De görüm, kimə aşiq olmusan? Sevgilin haralıdır? Abbas dedi: – Ana, qulaq as, deyim. Aldı Abbas, görək nə dedi: Ağalar ağası, ağalar xası, Ana, mövlam mənə buta veribdi. Düldülün sahibi, Qənbər ağası, Ana, mövlam mənə buta veribdi. Anası onun sözünün cavabında dedi: – Indi ki, belə oldu. Oğul, qulas as, birini də mən deyim. Aldı anası: Algilən duamı, duasız olma! Göydəki quş kimi yuvasız olma! Həyalı görəndə həyasız olma! Götür namus, qeyrət, ari bil incə. Aldı Abbas: Haca gedər hacıların hacısı, Bilən olmaz şirin ağzım acısı, Mənim yarım Məmməd bəyin bacısı, Ana, mövlam mənə buta veribdi. Anası dedi: – Sənə qurban olum, oğlum! Qonşumuzdakı Məhəmməd bəyin bacısıdısa, bu saat gedim elçiliyə. Ümidim var ki, Məhəmməd bəy bacısını sənə versin. Ancaq uzaq yer olmasın ha... Aldı anası: Elə otur, elə dur, bəynişin olsun! Yediyin, içdiyin xoş nuşun olsun! Qərib Imam Rza yoldaşın olsun! Imamların həşt-çaharı bilincə. Aldı Abbas: Mənim ağam Şahi-Mərdan Əlidi. Hökm eyləsə, düşmən bağrın əridi, Abbas deyər: yarım adı Pəridi, Ana, mövlam mənə buta veribdi. Aldı anası: Ağanın əlindən sən badə içdin, Alışdın, tutuşdun, odlara düşdün. Səlbinaz da deyər: oğlumu qoşdum, Haqq-taalanı bircə barı bilincə. Anası çox ağladı, sıtqadı ki, oğlunu qoymasın gedə, Abbas razı olmadı. Axırda çar-naçar razı olub, oğluna xeyir-dua verdi. Abbas getməkdə olsun, sizə kimdən xəbər verim, Xoca Mayılın siğə qardaşından. Xoca Mayılın Təbrizdə bir siğə qardaşı vardı. Bu adam eşitdi ki, siğə qardaşının oğlu Abbas bərk azarlayıbdı. Xurcuna bir az çörəkdənzaddan yığıb, Tifarqana tərəf getməyə başladı. Kişi az getdi, üz getdi, yolda Abbasa rast gəldi. Abbas onu tanımadı. Salamdan-kalamdan sonra Abbas ondan soruşdu: – Əmi, Təbrizə mən neçə günə gedib çıxa bilərəm? Kişi gülümsünüb dedi: – Oğul, Təbrizlə Tifarqanın arası uzaq yol deyil, bir saqqal boyu yoldu də. Tez çatarsan. Kişi güləndə Abbas əl atdı saza, dedi: Xəbər aldım təbrizlidən Məni hərcayı çağladı. Viran bağlar xəzəl oldu, Didələrim qan ağladı. Bülbüləm, dala qonaram, Zərgərəm, gümüş yonaram, Ha bu dərdə mən yanaram, Xoryat söz məni dağladı. Abbasam, yoxdu məkanım, Sana qurban şirin canım. Şəhrinizdə Pəri xanım Sidqin mövlaya bağladı. Xoca Mayıl Abbası tanıdı, o saat atdan yerə düşüb dedi: – Abbas, sən mənim qardaşım oğlusan. Mən sənin naxoş olmaq xəbərini eşitdim, Tifarqana gedirdim. Şükr Allaha, yaxşı olmusan. Indi gəl atı min, sən get Təbrizə, mən də sonra gələrəm. Abbas nə qədər dedi özün min, yaxşı deyil, sən məndən yaşlısan, kişi razı olmadı. Axırda Abbas atı mindi, yola düşdü. Az getdi, çox getdi, gedib Təbrizə çıxdı. Abbas baxıb gördü bir dəstə adam ağacla bir oğlanı döyür. Abbas atdan sıçrayıb yerə düşdü, dedi: – Bunu niyə döyürsünüz? Nə günahın sahıbıdı? Dedilər: – Hərəmizə bir manat borcludu, vermir, onunçun döyürük. Abbas döyülən adamdan soruşdu: – Adın nədi? Döyülən adam dedi: – Qənbərdi. Abbas adamlara dedi: – Mənim atımı alın, bunun borcunu çıxın, bu yazığı azad eləyin. Adamlar atı alıb, oğlanın borcuna çıxdılar. Abbas elə buradaca bu Qənbərlə siğə qardaş oldu. Abbas bir müddət Qənbərin evində qaldı. Bir gün Qənbərə dedi: – Bu şəhərdə sazbənd varmı? Qənbər dedi: – Sazbəndi neyləyirsən? Abbas dedi: – Bir saz qayırtdıracağam. Qənbər onu apardı sazbəndin yanına. Sazbənd ona bir cürə saz vermək istədi. Abbas dedi: – Xeyr, usta, o göydən asılan tavar sazı mənə ver! Bu cürəni neyləyirəm? Usta dedi: – Sən uşaqsan, o sazı çala bilməzsən. O saz sənin üçün yaramaz. Onu ancaq yaxşı ustalar çala bilərlər. Abbas dedi: – Usta, sənin nə işinə qalıb. Sən o göydən asılan sazı mənə ver, haqqını da al. Çalaram da özüm bilərəm, çalmaram da. Usta dedi: – Oğul, mənim əhdim var. O sazı kim mənim könlüm istəyən kimi yaxşı çala bilsə, ona bağışlayacağam. Ancaq heç bir ustad aşıq onu mən istəyən kimi çala bilməyib. Al, mən istəyən kimi çalsan sana peşkəşdi. Usta sazı Abbasa verdi. Abbas sazı köklədi. Təzənəni simlərə çəkəndə, saz durdu süxənvərlik eləməyə. Usta lap məəttəl qaldı. Abbasa afərin söyləyib, sazı ona bağışladı. Abbas öz-özünə dedi: – Mən sazı səssizcə aparmayım, qoy ustadan bir neçə söz soruşum. Aldı Abbas: Şikəstə könlümün təbibi usta, Bu Təbrizin binaları neçədi? Neçə ayə oxunur cim, sin, dal üstə2, Oxunanda mənaları neçədi? Usta dedi: – Oğul, mənim sənətim saz bağlamaqdı. Mən elə şeyləri başa düşmərəm. Burada Aşıq Şirvandostu, Aşıq Sənan kimi usta aşıqlar var. Onlar Batmanqılıncın aşıqlarıdı. Bu sözləri get onlardan soruş! Abbas dedi: – Usta, eybi yoxdu, cavab verməsən də, icazə ver, gerisini deyim. Usta dedi: – Oxu, ancaq sənin dediklərini mən başa düşəsi deyiləm. Aldı Abbas: Ərənlər üstümə gəldi nümayan, Bir ayə göstərdi bəyanbəbəyan, Bir saf mələk gördüm, huriyi-qılman, Dal gərdəndə şanaları neçədi? Giriftaram bir pərinin dağına, Gərdiş eləmədim solu sağına. Abbas deyər: girdim xublar bağına, Eyvan, otaq, xanaları neçədi? Üstəlik usta ona xələt də verdi. Abbas bu xələti Qənbərə bağışladı. Abbasla Qənbər evə qayıtdılar. Bir-iki gün də keçdi. Bir gün Abbas Qənbərə dedi: – Qardaş, Aşıq Şirvandostu, Aşıq Sənan, Aşıq Hüseyn harda olur? Qənbər dedi: – Abbas, onların adını çəkmə! Onlar yaman aşıqdı. Üstlərində də qırx aşıq var. Sənin gəldiyini, aşıq olduğunu bilsələr səni öldürərlər. Abbas dedi: – Onların məclislərinə gedək. Bir az sözlərinə qulaq asaq, görək nə cür aşıqdılar. Qənbər buna razı oldu. Bir-birinə qoşulub, bu aşıqların məclisinə getdilər. Qapıdan içəri girəndə Abbas salam verdi. Aşıqlar çalıb-çağırıb oynayırdılar. Abbas axıracan qulaq asdı. Məclis qurtarandan sonra Abbas onlara bir qədər xərclik verdi. Oradan çıxıb, Qənbərin evinə gəldi. Abbas Qənbərə dedi: – Qənbər, o aşıqların hamısı tırınqı aşıqlardı. Kisələrində heç zad yoxdu. Sabah sazı götürüb, onların məclisinə gedərik. Qənbər başladı dəlil-dəlayil elməyə ki: – Onlar Batmanqılıncın aşıqlarıdı. Getmə, xataya düşərsən. Abbas gördü Qənbər getmək istəmir, bərk qorxur, ona üz vurmadı. Gecəni yatdılar. Səhər Abbas qapıya çıxmışdı, baxdı ki, bir çoban, yanında köpəyi gedir. Onu çağırıb dedi: – Çoban qardaş, ağadan ayda neçə toxlu alırsan? Çoban dedi: – Nə ay, ildə beş toxlu alıram. Abbas dedi: – Bir illik haqqını verim, mənimlə bu gecə bir yerə gedək. Çoban fikirləşdi ki, deyər yer qaz, qazaram, odun daşı, daşıyaram, ta mana nə eləyəcək? Dedi: – Yaxşı, razıyam. Burada dur, aparım bu qoyunu sahibinə tapşırım, sonra gəlim. Abbas razı oldu. Çoban aparıb şeyləri evdə qoydu. Iti, qoyunu yeyəsinə tapşırıb, Abbasın yanına qayıtdı, dedi: – Indi hara gedirsən gedək! Abbas dedi: – Əyninə bir çuxa geydirəcəyəm. Başına bir papaq qoyacağam. Ayağına bir başmaq geydirəcəyəm. Belinə də bir qurşaq qurşayacağam. Sonra sana bir neçə söz öyrədib, Batmanqılıncın aşıqlarının yanına aparacağam. Özünə də altı toxlu haqq verəcəyəm. Soruşsalar, deyərsən aşıqam. Bax oyan-bu yan eləməzsən ha!.. Çoban razı oldu. Necə ki, demişdi, Abbas çobanı geyindirib, köhnə sazını da çiyninə keçirib dedi: – Səni ki, aparacağam o məclisə, əvvəl qapıdan girəndə salam ver! Sonra başmağını çıxart, get başda oturanların lap üst tərəfində otur! Bir az keçəndən sonra de ki, icazə verin mənim bu şagirdim sizin şagirdlərlə beytləşsin. Tay dalısı ilə işin yoxdu. Sən səssiz otur, qulaq as. Heç bir söz danışma. Abbas ona bir neçə beyt də öyrətdi. Çobanla Abbas bir-birinə qoşulub, aşıqların məclisinə getdilər. Salam vermək, başmaq çıxartmaq çobanın yadından çıxdı. Başmaqlı-zadlı gedib yuxarı başda əyləşdi. Baxdı ki, hamı ona baxır, nə qədər fikirləşdi, beytlər yadına düşmədi. Axırda naçar qaldı, üzün Aşıq Hüseynə tutub dedi: – Usta, icazə verin, şagirdlərimiz bir az beytləşsinlər, biz də qulaq asaq. Belə deyəndə aşıqlar bir-birinin üzünə baxdılar. Aşıq Hüseynə dedilər ki: – Dur bunun şagirdinin də, ustasının da sazını əlinnən al! Həmin məqamda Batmanqılınc da adam göndərmişdi ki, qonağım var, bir kamil aşıq gəlsin, dövran keçirsin. Batmanqılınc göndərdiyi adam da kənarda durub, bu həngaməyə tamaşa eləyirdi. Aşıq Hüseyn sıçrayıb çuxadan çıxdı. Sazını düzəldib dedi: – Hanı şagirdin? De meydanıma gəlsin? Çoban Abbası göstərib dedi: – Bax budu. Abbas sazını köynəyindən çıxartdı. Aşıq Hüseynin müqabilinə atıldı. Bunlar meydan suladılar. Abbas dedi: – Aşıq Hüseyn, fürsət sənindi, ya mənim? Aşıq Hüseyn dedi: – Nə fürsət-mürsət? Əvvəlki kəlmədə belini qırıb, sazını əlindən alacağam. Nə fürsətdən dəm vurursan? Abbas dedi: – Arxı tullan, sonra bərəkallah de! Bir o qədər laf eləmə! Nə bacarırsan de gəlsin! Aldı Aşıq Hüseyn: Mənnən salam olsun arif olana, Peyğəmbər nə günü taci-sər oldu? Kim qırxdı başını, muyin neylədi, Nə sual eylədi, nə iqrar oldu? Abbas başını bulayıb güldü. Sazı sinəsinə çıxıb, təzənəyi simə bərk-bərk çəkdi, dedi: Ol cümə günündə, sübh namazında, Peyğəmbər o günü taci-sər oldu. Ahu qırxdı, başın, muyin götürdü, Həqiqət, mərifət o iqrar oldu. Aşıq Hüseyn dedi: – Gerisinə qulaq as, gör sənin başına nə oyun gətirəcəyəm. Aldı Aşıq Hüseyn: Nə günü qırxıldı Rəsulun başı? Ona kim gətirdi ülgücü, daşı? Neçə tarixində oxunur yaşı? Neçə ay, neçə il ömrü xar oldu? Aldı Aşıq Abbas: Cümədə qırxıldı Rəsulun başı, Cəbrayıl gətirdi ülgücü, daşı, Altmış iki tarix oxunur yaşı, Altmış üç tarixdə ömrü xar oldu. Aldı Aşıq Hüseyn: Hüseyn deyər: kun cahanda neçədür, Neçə yaqut, neçə mərcan, neçə dürr? Rəsulun sərində muyi neçədir? Harada yerləşib, bərqərar oldu? Aldı Aşıq Abbas: Abbas deyər: kun cahanda ikidür, Iki yaqut, iki mərcan, iki dürr. Altı min altı yüz altmış ikidür, Behişt-əlada bərqərar oldu. Batmanqılınc göndərən adam işin axırını gözləyirdi. Çoban yavaşcalığnan əyilib, Şirvandosta dedi: – Bəs siz neçə toxluya bura gəlibsiz? Aşıqlar belə hesab elədilər ki, çoban onlardan “toxlu bağlaması” soruşur, dəydilər bir-birinə. Heç biri toxlu bağlamasını bilmədi. Qaçmağa yol axtardılar, ancaq mümkün edə bilmədilər. Aşıq Abbas Sənana dedi: – Indi, aşıq, mən sənnən bir neçə söz xəbər alacağam. Gərək cavab verəsən. Aşıq Sənan dedi: – Sənin ağzınnan süd iyi gəlir. Sən şir meydanında davam gətirə bilməzsən. Aşıq Abbas dedi: – Eybi yoxdu, ağıl yaşda deyil, başdadı. Cücəni payızda sayarlar. Aldı Aşıq Abbas: Mənnən salam olsun Aşıq Sənana, Bil neçə gül bitib, ovrağı nədi? Məscidi-əqsayə kim qoydu bina, Onun içi daşdı, qırağı nədi? Bir neçə qəndillər asılıb dardan, Neçəsi heyvandan, neçəsi nardan, Xəbər ver, yer-göyün qapısı hardan, Xəbər ver, kim örtər növrağı nədi? Abbasam, ağamdan içmişəm bada, Bada içənlərdən oldum ziyada, Üç kimsənə gördüm, getdi zülmata, Onlar nə yandırır, çırağı nədi? Bütün aşıqlar gözlərini döyə-döyə bir-birinin üzünə baxdılar. Birbirinə qaş-gözlə dedilər ki, biz gərək buna bir kələk qurub, başını buradaca batıraq. Abbas bunların hiyləsini anlayıb dedi: – Hələ dalısına qulaq asın! Harasıdır? Təzə başlamışam. Aldı Aşıq Abbas: Mənnən salam olsun arif olana, Neçə ulduz neçə aya bağlıdı? Təqlid nədi müsəlmanlıq şərtiynən? Neçə təqlid Mustafaya bağlıdı? Durdum əlif-beydən dərsimi alım, Istəyirsən mən də sizə dov gəlim. Oturan alimlər, bir xəbər alın, Dörd kitabda neçə ayə bağlıdı? Abbasam, yoluma kim versin salıq? Yetişsin dadıma o rəbbi-xalıq, Dərya kənarında kim oldu balıq? Namaz qılan nə qibləyə bağlıdı? Abbas bunların kələyini əvvəldən başa düşmüşdü. Odu ki, söz qurtarana kimi üzünü onlara tutub dedi: – Mən görürəm, sizin fikriniz başqadı. Amma elə fikrə düşməyin. Aşıqdı, biri güclü olar, biri gücsüz olar. Çoban dedi: – Abbas, sən aşıqsan ki, aşıqsan. Xalis haqq aşığısan. Sözünü arxayın oxu! Sana bir söz desələr, hamısını qıracağam. Batmanqılınc göndərən adam dedi: – Abbas, sözünü de! Bura aşıq məclisidi. Bir kəs sana güldən ağır söz deyə bilməz. Abbas sazı sinəsinə basıb, zilini zil, bəmini bəm eylədi, görək nə dedi: Aldı Abbas: Səhər-səhər dost kuyuna varanda, Ona deynən, bizə yar isə gəlsin. Elə danış seyrağıblar duymasın, Zahirdə, batində var isə gəlsin. Müsəlmanlar, siz düşməyin qiybətə, Qiybət edən özü düşər zillətə, Iskəndəri kim göndərdi zülmətə? Hər kim ondan xəbərdar isə gəlsin! Qızıl gül açılıb xəndan içində, Innabı dodaqlar dəhan içində. Abbasam durmuşam meydan içində Hər kimin mənimlə var isə gəlsin! Abbas bu sözləri tamam eləyən kimi aşıqlar hər tərəfdən onun üstünə töküldülər. Çoban işi belə görəndə çomağı çəkib, çuxasını bəlgə elədi. Bunları budayıb, şil-küt elədi, hərəsini bir tərəfə yıxdı. Abbas dedi: – Çoban qardaş, bundan sonra mənim başım qadadan-baladan uzaq olmayacaq. Gəl sənin haqqını verim get! Mən özüm nə elərəm, elərəm. Çoban dedi: – Mən sənnən heç zad istəmirəm. Ölüncə mən səninlə yoldaşam. Abbas dedi: – O çiynindəki sazı sana bağışladım. Bəli, ərz olsun, Batmanqılınc göndərən adam düz ağasının yanına gedib, əhvalatı ona söylədi, Abbası çox təriflədi. Batmanqılınc dedi: – O aşığın yerini bilirsənmi? Dedi: – Lüt Qənbərin evindədi. Batmanqılınc dedi: – Bu saat Aşıq Abbası mənim hüzuruma gətir, görüm o nəçidi ki, mənim aşıqlarımı bağlayıbdı. Fərraşlar gəlib Abbası Qənbərin evindən çağırdılar. Qənbər dedi: – Qardaş, yaxşı evini yıxdın. Batmanqılınc evinə gedən geri qayıtmır. O sənin boynunu vurduracaq. Abbas dedi: – Qoy məni öldürsünlər. Eybi yoxdu. Bir gün yaranmışam, bir gün də öləcəyəm. Sən uşaqlarının yanında qal, mən gedirəm. Qənbər fikirləşib dedi: – Ölüm nədi ki? Ondan ötəri də dostdan əl çəkmək olar? Mən də səninlə gedəcəyəm. Min uşağım olsa, hamısı sənin bir dırnağına qurban! Mən səni tək buraxmaram. Dost-dostnan axıracan. Bunlar bir-birinə qoşulub, Batmanqılıncın yanına yola düşdülər. Yolları düşdü Pəri xanımın küçəsindən. Qulluqçular onları qoymayıb dedilər: – Bu küçə ilə getmək qadağandı. Bura Batmanqılıncın bacısı Pəri xanımın küçəsidi. Abbas dedi: – Mən bu küçə ilə gedəcəyəm. Pəri xanım Abbasın gəlməyini eşitmişdi. Ora-bura vurnuxub, Abbası görməyə çalışırdı. Evinin eyvanında, bağında gəzib, Abbası gözləyirdi. Həmin gecə o, yuxuda görmüşdü ki, Abbas onun küçəsi ilə gələcək. Odu ki, tezdən yerindən durub bağa çıxmışdı. Çeşmənin başında oturub, əlləri qoynunda Abbası gözləyirdi. Indi eşit Abbasdan. Qulluqçular nə qədər əlləşdilərsə Abbası ayrı yolnan apara bilmədilər. Çar-naçar razı olub, Abbası Pəri xanımın küçəsi ilə apardılar. Abbas yolnan gedirdi, gözünü çevirib baxdı ki, Pəri xanım balasını itirmiş maral kimi, əllərini qoynuna, başını çiyninə qoyub, çeşmənin başında dayanıb. Abbas onu görən kimi ürəyi bitaqət olub, dayandı. Üzünü qulluqçulara tutub dedi: – Allahı sevərsiniz, qoyun bir neçə kəlmə oxuyum, sonra gedək. Qulluqçular ona acıqlanıb dedilər: – Adə, sən sarsaxlamısan, yoxsa nədi? Bura Pəri xanımın küçəsidi. Buradan, hələ bu vaxta kimi kişi xaylağı keçməyib. Tez ol, buradan uzaqlaş! Yoxsa Pəri xanım duyuq düşüb, səni də öldürər, bizi də. Pəri xanım danışıqları kənardan eşidirdi. O saat qulluqçuları yanına çağırıb dedi: – Onun xatirinə dəysəniz, nəslinizi yer üzünnən kəsərəm. Qoyun nə kefi istəyir eləsin. Qulluqçular ikiqat olub, Abbasın yanına qayıtdılar. Abbas sazın zilini zil elədi, bəmini, bəm, götürsün görək nə deyir: Aldı Abbas: Səhər-səhər sərçeşmələr başında Gün kimi aləmə yayılan Pərim! Hər kim mənnən sana yaman qandırsa, Ya əqrəb dişləsin, ya ilan, Pərim! Qovma dərgahından şirin nökəri, Geymərəm hər şilə, hər qələmkəri, Hicran xəstəsiyəm, yeməm şəkəri, Qoynundakı nara mayılam, Pərim! Götür sürməni çək qaşına, gəlsin! Çal əyri çalmanı başına, gəlsin! Abbasın sözləri xoşuna gəlsin! Hurilər qızınnan sayılan Pərim! Pəri xanım özünü saxlaya bilməyib, Abbasın yanına yüyürdü. Iki aşıq-məşuq sarmaşıq kimi bir-birinin boynuna sarılıb, yarım saata kimi ayrılmadılar. Pəri xanım dedi: – Abbas, mənim qardaşımın yanına gedirsən, nə badə, nə badə qardaşımdan qorxasan. O sana təpinəcək. Səni hədələyəcək. Sən heç keyfini pozma! Mən səninəm, sən də mənim! Bizi heç kəs bir-birimizdən ayıra bilməz. Nə soruşsalar düz cavab ver! Mənim qardaşım mərdimazar adam deyil. Sana heç zad eləməyəcək. Səni incitməyəcək. Abbas dedi: – Gülgəz, qorxma, yar yolunda ölmək toy-bayramdı. O aşıq xoşbəxtdi ki, yarın yolunda ölür. Gülgəz Pəri dedi: – Dediklərimi yadınnan çıxartma! Abbas Pəri xanımla əltəmən olub ayrıldı. Qulluqçular Abbası Batmanqılıncın məclisinə apardılar. Batmanqılınc Abbasa baxıb gördü ki, bu gözəllikdə oğlanı Allah-taala tək yaradıb. Abbas da baxdı ki, Təbriz şəhərində nə qədər hörmətli adam varsa, hamısı Batmanqılıncın yanındadı. Öz-özünə fikir elədi ki, mən burada görəsən nə oxusam bunların xoşuna gələr. O bu fikirdə ikən Batmanqılınc ona dedi: – Abbas, gərək aşıqlığını biruzə verəsən, görüm nə cür adamsan ki, mənim aşıqlarımı yerindən tərpətmisən. Camaat yerbəyerdən Batmanqılınca dedilər: – Ağa, aşığa güldən ağır söz demək olmaz. O el gəzir. Qoy aşıqlığını biruzə versin. Abbas sazını çıxardıb basdı sinəsinə, dedi: Ay ağalar, gəlin sizə söyləyim, Üzülməsin əldən əli bu bəyin! Cənnəti-əlada, baği-behiştdə Xoşnişin döşənsin yeri bu bəyin! Bu kəlmə Abbasın ağzınnan qurtaran kimi hərə əlinnən çıxan xələti ona verdi. Qənbər o saat xələtləri topadı bir yerə. Aldı Abbas sözün gerisini: Əyninə geyibdi zər ilə xardan, Xudam qəni edib dövlətü vardan. Nəfəsi kəskindi o Zülfüqardan, Kəmərin qurşasın Əli bu bəyin! Adamlar genə xələt verdilər. Abbas dedi: Şahların şahıynan çıxaydı ova, Qüdrət şəmşirini gətirsin sova, Gecə-gündüz Abbas eyləsin dua, Haqdan uzun olsun ömrü bu bəyin! Abbas qurtarannan sonra Batmanqılınc üzünü ona tutub dedi: – Afərin, usta! Həqiqətən yaxşı aşıqmışsan. Halal olsun sana! Bir de görüm, mənnən nə istəyirsən? Abbas dedi: – Bəy, dil ilə desəm dilim quruyar, qoy saz ilə deyim. Aldı Aşıq Abbas, görək Batmanqılınca nə dedi: Könül bir cananın sovdasındadı, Cismdə insandı, mahi-ənvərdi, Boyunu arzular bağçada bülbül, Bilmirəm susəndi, ya sənubərdi. Sevdiyimin hüsnü qüreyşin nuri, Kənanın Yusifi, Çinin fəqfuri, Deyirlər behiştdə çox olur huri, Onlar da köhnəlib, yar təzə-tərdi. Çoxu aşıqlığı asan şey sandı, Cəfasını gördü, çox tez usandı, Abbas bir pərinin oduna yandı, Görənlər dedilər: bax, səməndərdi. Abbas üstəlik dillə də dedi: – Bəy, sənin bacın Pəri üçün gəlmişəm. Ya məni öldür, ya bacını Allahın əmri, peyğəmbərin şəriəti ilə mana ver! Batmanqılınc fikrə getdi. Hamı minnət elədi ki, Abbas haqq aşığıdı. Sözünü yerə salma. Batmanqılınc Qara vəzirə dedi: – Vəzir, nə deyirsən? Sənin tədbirin nədi? Pərini Abbasa verimmi? Vəzir cavab verdi: – Bəy, sən bacını saz çalana versən, hamı sana əl çalıb gülər. Vəzirin sözü Abbasa çox toxundu. Sazını sinəsinə basıb, görək nə dedi: Nə baxırsan gözü qanlı haramı? Sən deyən günahkar ha mən deyiləm. Hər şəhərin bir adı var, bir sanı var. Mən Misir şəhriyəm, Yəmən deyiləm. Yarın qapısında üz qan eylədim, Əl uzatdım, çəkdim üz qan eylədim, Bir könülə dəydin, yüz qan eylədin, Mən ki, bir kəs ilə yaman deyiləm. Abbas ağlar, libasını soydular, Zülm eyləyib qönçə gülün dərdilər, Hərcayilər qaş oynadıb güldülər, Elə deyil, yarım, haman deyiləm. Batmanqılınc dedi: – Vəzir, sən həmişə belə pis danışırsan? Bu gül kimi cavan oğlandı. Nə olar aşıq olanda? Aşıq daha yaxşıdı. Sən ki, bir qəlbi tikə bilməyəcəksən, niyə yıxırsan? Gəl razı ol, Pərini verək buna, çıxıb getsin, heç pis oğlan deyil. Ağıllı-kamallı bir oğlandı. Vəzir dedi: – Bəy, mən razı ola bilmərəm. Sən bacını padşah oğluna ver, biz də padşahla qohum olaq. Tifarqan nədi ki, ondan çıxan adam nə olsun? Abbas baxdı ki, vəzir işi burur. Batmanqılınc da onun sözünnən çıxmır. Abbas qorxdu ki, vəzir Batmanqılıncın fikrini dəyişdirə, götürdü sazı, görək Batmanqılınca nə deyir: Özündən kiçiyi buyurma işə, Sözün yerə düşər, heç miqdar olmaz. Hər nə ki, iş tutsan öz əlinlə tut, Insan öz işində cəfakar olmaz. Özünnən böyüyün saxla yolunu! Düşən yerdə soruş ərzi-halını! Amanat, amanat, qonşu malını, Qonşu yox istəyən özü var olmaz. Soruşun, Qul Abbas, halın necədi? Gündüzlərim ay qaranlıq gecədi. Sərv ağacı hər ağacdan ucadı, Əsli qıtdı, budağında bar olmaz. Vəzir qəzəbləndi, yerdən qalxmaq istəyəndə Abbas dedi: – Qəzəblənmə! Hələ qulaq as! Aldı Aşıq Abbas: Ay ağalar, gəlin sizə söyləyim, Yalquz daşdan olmaz divar, deyərlər. Bəzirgansan, aç, mətahın, xırd elə, Alanlar yükündə nə var, deyərlər. Bəylər olan saxlar alıcı quşu. Sərraf olan seçər qiymətli daşı, Bir oğul atadan artırsa işi, Xalq içində ona tavar deyərlər. Iskəndər atlandı çıxdı zülmatdan, Xızır peyğəmbər içdi abi-həyatdan, Bəhs düşdü iyiddən, qılıncdan, atdan, Sırfanı onlardan sivar deyərlər. Bir bağçanın əgər barı olmasa, Alması, heyvası, narı olmasa, Iyidin dünyada varı olmasa, Xalq içində ona sərsər deyərlər. Tifarqanlı Abbas gecələr yatmaz, Peyğəmbər qarğayıb, müxənnəs artmaz, Hər nə versən haqqın yolunda itməz, Min qadanı başdan sovar, deyərlər. Vəzir dedi: – Bu haranın bəd övladı idi, gəldi buraya çıxdı. Bəy, Allah xatirinə, bunu rədd elə getsin. Yoxsa bundan bizə ziyan toxunacaq. Vəzirin bu sözü Abbasa acıq getdi. Gördü ki, adamların çoxu vəzirin tərəfinə addadı. Onun tərəfində az adam qaldı. Batmanqılınc da heç dinmir. Elə bil vəzirdən qorxur. Abbas kədərlənib sazı sinəsinə basdı, görək nə dedi: Ay ağalar, gəlin sizə söyləyim, Kəsə-kəsə bağrım gözə tutarlar. Əzəldən belədi dünyanın işi, Qiyamət pərdəsin üzə tutarlar. Yeriyir mayalar dalında köşək, Dünyaya gələnlər bir gün köçəcək, Varlı yalan desə, yoxsullar gərçək, Varlının sözünü sözə tutarlar. Abbas, gərək dostun zatın biləsən, Xəncər kimi bağrın başın böləsən, Ağa vəzir, yüz il qazanc eləsən, Axırın beş arşın bezə tutarlar! Batmanqılınc dedi: – Aşıq, heç fikir eləmə! Qız sənindi. Mən Pərini sana verəcəyəm. Batmanqılınc vəzirin sözünə baxmayıb, bacısı Pərinin şirnisini Abbasla içdi. Yedilər, içdilər, çaldılar, oynadılar, kef elədilər. Vəzir də acıq eləyib, məclisdən çıxıb getdi. Bu gündən Pəri xanım Abbasın nişanlısı oldu. Amma ki, hələ Abbas Pəri xanımla bir yerdə olmurdu. Ayrı-ayrı otaqlarda olurdular. Abbas Məmməd bəyin yanında olurdu, Gülgəz Pəri də öz otağında. Günlərin bir günü Batmanqılınc uzaq bir səfərə çıxmalı oldu. Odu ki, Abbası yanına çağırıb dedi: – Abbas, mən uzaq səfərə gedirəm. Qalarsan elə burada. Gələnnən sonra toyunuzu eləyəcəyəm. Batmanqılınc Abbasla, adamlarla görüşüb, öpüşüb, çoxlu qoşunla səfərə çıxmaqda olsun, al xəbəri acıq eləyib gedən vəzirdən. Vəzir Pəri xanımı öz oğluna almaq fikrində idi. Işi belə görəndə gəzib dolandı, bir qarı tapdı, dedi: – Səni dünya malından qəni eləyəcəyəm, Abbas ilə Pərinin arasını vur! Qarı əlini gözünün üstünə qoyub dedi: – Mənim əlimdən ancaq ara vuruşdurmaq gəlir. Ondan asan nə var ki? Istəyirsən günü sabah onların arasını vurum. Qarı tumanım çəkə-çəkə, burnunu silə-silə, düz Abbasın yanına gəlib, salamnan-kalamdan sonra dedi. – Abbas, qərib ölkədə qız sevən oğlan onnan-bunnan soruşar, qızın halına-xasiyyətinə bələd olar, sonra nişanlanar. O Pəri xanımı sən nə ağılla aldın? Sənin beynini saz aparıb, adam tanımırsan. Abbas məəttəl qalıb dedi: – Axı nə olub, qarı nənə? De görək, nə var? Qarı dedi: – Nə olacaq? Pəri xanımın gözləri kor, ayaqları topal, dili də laldı. Abbas lap məəttəl qaldı, fikirləşdi, fikirləşdi, bir yana çıxarda bilmədi. Qulluqçunu çağırıb dedi: – Aparıb bu qarının başını kəsdirərsən. Qarı baxdı ki, onu öldürəcəklər, dedi: – Oğul, mən sana pis demədim. Dedim ki, Pəri xanımın gözləri kordu, yəni naməhrəmə baxmır. Dili laldı, yəni danışmır, söz gəzdirmir. Ayağı topaldı, yəni sarsaq-sarsaq gəzmir. Tam məni niyə öldürürsən? Abbas gördü ki, qarı yaxşı danışdı, onun dediyini başa düşməyib. Ona çoxlu xələt verib, azad elədi. Qarı özünü tülkülüyə vurub dedi: – Abbas, bu yaxşılığın qabağında, mən səni Pəri ilə qaz damında görüşdürəcəyəm. Indi sən bunun əvəzində mənə nə verirsən? Abbas dedi: – Nə istəsən verərəm. Qarı dedi: – Axşam, bizim evin qapısına gələrsən. Bəli, axşam oldu, axşamlarınız xeyirlə gəlsin! Abbas düz qarının qapısına getdi. Qarının bir sürü qazı var idi. Onun üçün qarı bir daxma tikdirmişdi. Abbası aparıb qaz damında qoydu. Qapını da kilidləyib, düz Pəri xanımın yanına gəldi. Qarı bir tumanını çəkib, bir də burnunu sildi, beş-altı dəfə burnunu çəkəndən sonra Pəri xanıma dedi: – Qadan alım, mənim xanım qızım, təkcə bir madar qızım var. Onu bu gün ərə köçürdürəm, başını bəzəyən yoxdu. Gedək onun başını bəzə! Inşallah, səni nişanlına köçürdəndə mən də sənin toyunda süzəsüzə oynaram. Pəri xanım qarının sözünü yerə salmadı. Onun dalına düşüb, düz qaz damına gəldi. Qapıdan içəri girib, gördü heç kəs yoxdu, məəttəl qalıb dedi: – Qarı nənə, toy evi belə olmaz. Hancarı bura sahabsızdır? Heç kəs yoxdu. Bura lap qaz damına oxşayır. Qarı dedi: – Qadan alım, darıxma! Qızım su gətirməyə gedib. Buyur içəridə əyləş, xanım adamsan, qızım sənin qulluğuna gələr. Pəri xanım içəri girəndə gördü qaz damının dibində bir gərdək var, gərdəyi qaldırıb baxanda gördü ki, dalında Abbas, saz da qucağında oturub. Pəri xanım çox acıqlanıb dedi: – Abbas, mənim atamın gözəl bağları, evləri var. Nə üçün belə yerdə görüşürsən? Heç ayıb deyilmi? Layiq bilib məni qaz damına gətirirsən? Heç bu yaraşan işdimi? Abbas sazı döşünə basıb dedi: Nazlı yarın qəmər hüsnü, Ay, günü, tələti neylər? Yarın ləbinnən bal əmən Şəkəri, şərbəti neylər?! Ağladıban gülən olsa, Eynim yaşın bilən olsa, Bir yar ki, dərd bilən olsa, Qaş, göz, işarəti neylər?! Qara zülfü kəmənd olan, Ləbləri dolu qənd olan, Başdan-ayağa bənd olan Sənəti, sərvəti neylər?! Çıxıb təxt üstə oturan, Ağ üzdən busə götürən, Abbası yara yetirən, Kəbə, ziyarəti neylər?! Qarı qapıya gəlib qışqırdı: – Indi necəsiniz qışqırım ki, bütün Təbriz əhli bura tökülsün. Abbas işi belə görəndə dedi: – Dayan, bir ağız deyim, sonra qışqırarsan. Aldı Abbas: Başına döndüyüm alagöz Pəri, Tanrı səni mənnən ayrı salmasın! Haqq götürsün bu beymanı aradan, Nişanası qiyamətə qalmasın! Gedənin gəlməsin, yatanın ölsün! Fələk əli dəysin, dövranın dönsün, Firiştələr vursun, ağzı əyilsin, Sənin bir dərdini bilən olmasın! Soruşmadın yazıq Abbas halını, Mən sana neylədim, tanrı zalımı?! Əzrayil donunda alım canını, Üstündə bir həşir quran olmasın! Pəri xanım bərk acıqlanmışdı. Acıqdan dartıb köynəyinin yaxasın da cırmışdı. Əlini sinəsinə qoyub, maral kimi nəfəs ala-ala dedi: – Abbas, mənim sözlərim bəlkə xatirinə dəydi? Qadan alım, məni bağışla! Mən sənin xeyrinə danışıram. Axı bura nə sana, nə də mana yaraşmaz. Pəri danışanda sinəsi qalxıb düşürdü. Abbas o saat sazı götürüb dedi: Pəri, sənin püstanların Heç bilmirəm nəyə bənzər. Biri yasin surəsinə, Biri əlif-beyə bənzər. Biri mimdi, biri cimdi, Onları xəlq edən kimdi? Biri səhər doğmuş gündü, Biri bədir aya bənzər. Biri Alxatın alması, Biri Bağdadın xurması, Biri şəkərin xırdası, Biri şamamaya bənzər. Mən Abbasam, ağlım çaşır, Qolların boynumdan aşır, Qızıl taxt üstdə boylaşır, Bir cüt şahzadəyə bənzər. Bunlar bu danışıqda, qarı özünü vəzirin qızı Əsmər xanımın yanına saldı. Altdan-üstdən ona danışıb dedi: – Bu saat Abbas ilə Pəri xanım qaz damındadı. Mən onun qarğışından qorxuram, get gözünnən gör, nə bacarırsan elə! Əsmər xanım qarının yanına düşüb, düz qaz damına gəldi. Gördü nə Abbas var, nə Pəri. Nə day var, nə daylaq. Qaz damını çox gəzdi, aradı, onlardan bir nişan tapmadı. Demə Abbasla Pəri qarını güdürlərmiş, qarı Əsmərə xəbərə gedəndə onlar da qaz damından çıxıb gediblərmiş. Əsmər xanım dedi: – Qarı, mən bu saat Pəri xanımın yanına gedəcəyəm. Əgər Pəri xanım Abbas ilə görüşmüş olsa, özünə məşatə verib, görüşməyibsə məşatə verməyib. Əgər görüşməsə sənin dərini soyacağam. Əsmər xanım daban alıb, düz Pəri xanımın otağına gəldi. Pəri xanım çox darıxırdı. Əsməri görən kimi içəri çağırıb ona qonaqlıq verdi. Söhbətdən, mükalimədən sonra Pəri xanım ona dedi: – Əsmər xanım, sən heç bura gəlməzdin, nə üçün gəlmisən? Mənim üçün nə qulluğun var? Əsmər xanım dedi: – Gəldim ki, bəlkə Abbas burada ola, baxam görəm necə oğlandı. Sana layiqdimi? Pəri xanım dedi: – Vallah, Abbas bircə dəfə də olsun buraya gəlməyib. Əsmər dedi: – Bəs mən onu nə təhər görə bilərəm? Pəri xanım dedi: – Sabah bağa gəl, o tez-tez bağda olur. Mən orada onu sana göstərərəm. Bəli, Əsmər evə qayıtdı, sabaha kimi ilan vuran yatdı, o, yatmadı. Sabah açıldı, üstünüzə çox xeyirli sabahlar açılsın, qızlar cəmləşdilər. Maral sürüsü kimi Pəri xanımın bağına toplandılar. Pəri xanım Abbasa bir kağız yazdı ki, durmasın, bağa gəlsin. Pəri xanımın bir süd anası var idi. Bu iman, quran nəsib olmuş bir qarı idi. Qızlar seyrə çıxanda qarı tez özünü Abbasa çatdırıb, kağızı ona verdi. Abbas Pəri xanımın kağızını oxuyub, bağa gəldi. Abbas bağa çatan kimi Əsmər bir nar üzüb, Abbasa verib dedi: – Buyur! Abbas narı almaq istədi, sonra gözünü dolandırıb Pəri xanıma baxdı, gördü ki, onun rəngi qaçıb, narı almayıb, sazı sinəsinə basdı, görək nə dedi: Payız olcaq bağlar tökər xəzəli, Bahar olcaq bağçanıza bar gəlir. Bir iyidin olsa baxtı, iqbalı, Cənnət bağçasınnan ona nar gəlir. Mən bu yerdə nə aşnayam, nə yadam, Yar yanında nə qəmginəm, nə şadam. Ay ağalar, nə bəlalı səyyadam, Tor qururam tərlan üçün, sar gəlir. Abbas deyər: gəncin üstü bədəndi, Qara bağrım dəlik, zədən-zədəndi. Ay ağalar, heç bilmirəm nədəndi Aləmə gen dünya mənə dar gəlir. Əsmər Abbasın sözünü başa düşdü. Onun bərk acığı tutdu. Kinayəli, kinayəli Pəriyə dedi: – Bunun biznən ki, arası yoxdu, bizi niyə buraya gətirmisiniz? Pəri əl-ayağa düşüb, Abbasa dedi: – Abbas, amandı, qoyma Əsmər getsin. Getsə bizi el içində biyabır eləyəcək, o yaman adamdı. Sən allah onun könlünü al! Abbas götürüb sazı, görək Əsmərə nə deyir: Başına döndüyüm, ay Əsmər xanım, Nə göyçək yaradıb yaradan səni. Mənim meylim sənnən belə ki, xoşdu, İstəməm gedəsən buradan səni. Əsmər bu sözü eşidən kimi tez Abbasın yanına gəldi. Abbas baxdı ki, Pəri alınıbdı. İndi də Pərinin könlünü almaq üçün dedi: Gəlmə xoryat, yarı yolda qalarsan, Seyrağıb əlində zəlil olarsan, Iki dostu bir-birinnən salarsan. Görüm haqq götürsün aradan səni! Gözəllər içində bəsli, bəllisən, Tərlan cilvəlisən, yüz xiyallısan, Ağ sinəsi bir cüt qoşa xallısan, Görcəyin tanıdım oradan səni. Gözəllikdə sənin əvəzin hanı? Hüsnünü bəxş edib kərəmin kanı. Dağların maralı, çölün ceyranı, Ovçular keçirməz bərədən səni. Haqq da bilir Adəm ata zatıyam, Göyü bilməm, yerin yeddi qatıyam, Şikəstə Abbasam, xərabatıyam, Könül, heç görmədim abadan səni. Indi də Əsmər acıq eləyib getmək istəyəndə Pəri xanım dedi: – Abbas, Əsməri qoyma getsin, ta sənnən küsməyəcəyəm. Abbas dedi: – Elə getsin, daş da dalınca. Mən heç nə deyə bilmərəm. Belə deyirəm sən inciyirsən, elə də deyirəm o inciyir. Pəri naəlac qalıb, on iki hörük saçlarınnan bir tel ayırıb, sinəsaz elədi, görək Əsməri nə cür geri qaytarır: Başına döndüyüm, ay Əsmər xanım, Sən bizim bağçaya, bağa xoş gəldin! Süsəndən, sünbüldən, tər bənövşədən, Mərhəmət elədin, saya xoş gəldin. Qızlar, bu ad mana yaman ad oldu, Yandı qara bağrım, nə bərbad oldu. Dağıldı gözəllər, daha dad oldu, Əlif qəddim döndü yaya, xoş gəldin! Pəri deyər: halay-halay ha bağlar, Təbib gələr, yaralarım ha bağlar. Əsmər getsə, viran qalar ha bağlar, Qatardan üzülmüş maya, xoş gəldin! Əsmər onun sözünə baxmayıb, düz çıxıb getdi. Abbas da ona bir söz demədi. Pəri bu işdən çox kefsiz oldu. Qarını yanına çağırıb, əhvalatı ona söylədi. Qarı ona təskinlik verdi. Qızları onun yanına topadılar. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar, oxuyub çağırdılar, Gülgəzin kefi açıldı, qəmi dağıldı. Abbas sevgilisini qarı ilə belə kefdə görəndə sazını götürüb, görək nə dedi: Başına döndüyüm alagöz Pəri Geyinmiş yaşılı, alınan oynar. Cəvahir mətai, dürr xəridari, Tutubdu dəstində ləlinən oynar. Sevdiyim əyninə geyibdi ağı, Çəkibdi sinəmə düyünü, dağı, Zülfün əncəbini eylər məzağı, Ağ üzdə münəvvər xalınan oynar. Ay Abbas, Pərinin bu çəp işləri, Yorğun maral kimi xoş baxışları, İncidən, sədəfdən, dürdən dişləri, Qaymaq dodaqları balınan oynar. Pəri xanım Abbasın incidiyini bilib, onun könlünü aldı, dedi: – Abbas, buradan xəlvətcə get! Vəzir bilsə işimizi xarab elər. Mənim sözlərimdən incimə! Mən sənin xeyrinə danışıram. Onlar həlal-himmət eləyib, bir-birinnən ayrıldılar. Abbas evə təzəcə gəlmişdi ki, bir adam qaranəfəs içəri girib dedi: – Abbas, niyə durmusan? Anan ölüm üstədi. Pəri əhvalatı bilib, gözünün yaşını ab-leysan kimi qırmızı yanaqları aşağı axıtmağa başladı, dedi. – Abbas, məni qoyub hara gedirsən? Abbasın ürəyi qubar eylədi. Bir təhər şirin dil ilə onu sakit eləyib, üstəlik dedi: – Qəm yemə, anam yaxşı olar, yenə qayıdıb gələrəm. Bəli, onlar həlal-hümmət eləyib ayrıldılar. Abbas daban aldı, Tifarqana yol elədi. Gəlib gördü anası ağır xəstədi. Abbas anasının yanında qalsın, sizə xəbər verək, şah Abbasdan. Günlərin bir günü şah Abbas böyük ziyafət vermişdi. Əyan-əşrafı ziyafətə topamışdı. Şahın baş hərəmi Pərlam başda əyləşmişdi. Pərlam çox gözəl xanım idi. Şah Abbas da ona diqqətlə baxıb dedi: – Görəsən dünyada Pərlam kimi gözəl bir xanım varmı? Əlbəttə, ola da bilməz. Bu o vaxt idi ki, Sarı Xoca ticarətdən təzəcə gəlmişdi. O, ayağa qalxıb, rəsmi-təzim eləyib dedi: – Şah sağ olsun, Təbriz valisi Məhəmməd bəyin Pəri xanım adlı bir bacısı var. Günəş onun gözəlliyinnən utanıb, çıxmır, ay onun gözəlliyinnən xəcalət çəkib qaranlığa girir. Sizin baş hərəminiz Pərlam onun əlinə su tökməyə də yaramaz. Şah dedi: – Sarı Xoca, elə şey olmaz. Dünyada Pərlamdan gözəl yoxdu. Tez Təbrizə gedib, Gülgəz Pərini ya zor, ya güc mənim hüzuruma gətirərsən. Sarı Xoca, əgər sözün doğru olsa, səni dünya malınnan qəni edəcəyəm. Yox, yalan olsa, boynunu vurduracağam. Sarı Xoca dedi: – Eybi yoxdu. Yalan olsa vurdur! Hələ bəlkə dediyimnən də bir az artıq gözəl olacaq. Sarı Xoca sözünü tamam eləyib, Dəli Becan, bir də Allahverdi xanla Təbrizə yol aldılar, mənzilbəmənzil gedib, Təbriz şəhərinə çıxdılar. Nər üçü Məhəmməd bəyin evinə gəldilər. Dəli Becan Pəri xanımın anasını çağırıb dedi: – Şah Abbasın əmridi, gərək Pəri xanımı Isfahana aparaq. Arvad dedi: – Qadan alım, qızımın nişanlısı var. Becan dedi: – Uzun danışma! Artıq-əskik eləyərsən, səni də atın quyruğuna bağlaram, düz İsfahana apararam. Arvad dedi: – Aparırsan, apar, mənim gücüm yox, qoşunum yox. Onu deyim ki, oğlum bu qisası yerdə qoymayacaq. Arvad sözünü tamam elədi, zar-zar ağlayıb, gözlərinin yaşını tökdü. Bunlar burada qalsın, eşit Pəri xanımdan. Pəri xanım evdə oturub, Abbasın yolunu gözləyirdi. Kənizlərdən biri içəri girdi, dedi: – Bəs, bilmirsən, dəli Becan səni Isfahana Şah Abbasın hərəmxanasına aparmaq istəyir. Pəri xanım qəzəblənib dedi: – Məni heç kəs apara bilməz! Elə bu söhbətdə Dəli Becan dəstəsi ilə Pəri xanımın mənzilinə girdi. Pəri xanımı zorla evdən çıxardıb, kəcavəyə basdılar. Pəri xanım dedi: – Zalım Becan, indi ki, məni zorla aparırsan, kəcavəni əyləndir, anama bir neçə sözüm var, deyim, sonra apar. Kəcavəni dayandırdılar. Pəri xanım on iki hörük saçınnan bir tel ayırıb, döşünə basdı, mərcan dırnaqlarını təzənə eləyib, görək anasına nə dedi: Əgər Abbas gələr olsa buraya, Söyləgilən dalımızca gəlməsin. Öldürərlər, itirərlər arada, Nahaq qanı üstümüzə salmasın. Ay ağalar, bu dərd məndə qalınca, Incəlincə, saralınca, solunca, O mənimdi, mən onunam ölüncə, Mənnən qeyri özgələri almasın. Mən Pəriyəm, əlim yardan üzəli, Yazıq canım bu dərdnən tez ölü, Yetişsin dadıma Mürtəza Əli, Üz çevirib Isfahana gəlməsin. Anası ağlaya-ağlaya özünü kəcavənin ayağına salıb dedi: – Bala, mən Abbası nə cür saxlaram? Yönü bəri olsa, ölsə də dalınca gələcək. O sənsiz dayana bilməz. Pəri genə alsın, görək anasına nə deyir: Başına döndüyüm gül üzlü ana, Gəlməsin Abbasım, Allah kərimdi! Dərdinnən olmuşam dəli, divana, Gəlməsin Abbasım, Allah kərimdi! Fələk məni dərdə salıb güldürər, Ağladıban çeşmim yaşın sildirər, Becan kəmfürsətdi, gəlsə öldürər, Gəlməsin Abbasım, Allah kərimdi! Gülgəz Pəri saralıban solunca, Qaynayıban peymanələr dolunca, Qoy gəlməsin Məhəmməd bəy gəlincə, Gəlməsin Abbasım, Allah kərimdi! Onlar kəcavənin pərdəsin salıb, yola düzəldilər. Pəri getməkdə olsun, indi sizə kimdən xəbər verim, Lüt Qənbərdən. Lüt Qənbər işi belə görən kimi, başına döyə-döyə özünü Tifarqanda Abbasa çatdırdı. Abbas Qənbəri gözü yaşlı görüb soruşdu: – De görüm, Pəri xanımın başında nə var ki, ağlayırsan? Allah xatirinə, tez de! Aldı Qənbər, onun cavabında görək nə dedi: Başına döndüyüm, qurban olduğum, Abbas, apardılar yarını sənin. Alışıb oduna, büryan olduğum, Abbas, apardılar yarını sənin. Köç-köç oldu, kəcavələr düzüldü, Axdı eyni yaşı, üzə süzüldü, Geri baxdı, əli sənnən üzüldü, Abbas, apardılar yarını sənin. Mən Qənbərəm, söyləmərəm heç yalan, Sarı Xoca, Becan, Allahverdi xan, Elinə, ölkənə saldılar talan, Abbas, apardılar yarını sənin. Abbas bu sözü eşidən kimi varından yox oldu. Göz yaşını abi-neysan kimi tökə-tökə Qənbərdən soruşdu: – Ədə, nə danışırsan? Bəs, Məhəmməd bəy gəlməyib? Vəzir harada idi? Qənbər dedi: – Evi yıxılmış, nə qoymusan, nə danışırsan? Vəzir özü onlara kömək elədi. Pərinin yerini göstərdi. Qənbər vəzirdən çox söz danışdı. Onun da kəcavə ilə Isfahana getdiyini ona xəbər verdi. Vəzirin hərəkəti Abbasa pis gəldi. Sazı götürüb, görək nə dedi: Bədövladı əzəl başdan tanıram, Çör-çöp yığar, yad ocağı yandırar. Səhər durar, ar-namusun gözləməz, Suyu tökər, öz ocağın söndürər. Ulğun coşa gəlsə, köpük yağ olmaz, Söyüd bar gətirsə, bağça bağ olmaz. Zibil təpə olmaz, küllük dağ olmaz, Yel əsəndə alçaqlara endirər. Abbas bu sözləri deyər sərinnən, Arxı qazın, suyu gəlsin dərinnən, El bir olsa, dağ oynadar yerinnən, Söz bir olsa, zərbi kərən sındırar. Qənbər Abbasa çox təsəlli verdisə də, olmadı. Abbasın gözləri yaşla doldu, gözlərini çevirib Isfahan tərəfə baxdı. Gördü dağları tamam çiskin, duman basıb. Aldı, görək nə dedi: Duman, gəl get bu dağlardan, Dağlar təzə bar eyləsin. Nə gözlərim səni görsün, Nə könlüm qubar eyləsin. Haşa, sevdicəyim haşa, Deyilənlər gəldi başa, Bir yannan özün tut daşa, Bir yannan el çar eyləsin. Abbas ağlar zarı-zarı, Getməz könlünün qubarı, Ilqarınnan dönən yarı Tanrı tezbazar eyləsin. Söz tamam olan kimi dağlardan duman çəkildi. Yollara, dağlara gün doğdu. Ancaq Abbasın qəlbi açılmadı. Aldı, görək dübarə nə dedi: Qasid gəldi, yardan xəbər gətirdi, Necə çəkim bu fərağı, getdilər. Aşiq məşuqunu qəhrə yetirdi, Çəkdilər sinəmə dağı, getdilər. Malı, mülkü verib ağça aldılar, Ilqarı verdilər, buğça aldılar, Barı tərk etdilər, bağça aldılar, Pərişan qoydular bağı, getdilər. Abbas, cavan ömrün sən verdin bada, Günü-günnən dərdin oldu ziyada. Yedilər, içdilər fani dünyada, Aldılar beş arşın ağı getdilər. Qənbər onun qolunnan tutub dedi: – Abbas, daha fikir eləməyin, ağlamağın yeri deyil. Pəri əldən gedib. Kimi desən, onu sənə alarıq. Qənbərin sözləri Abbasın qulağına girmirdi, elə hey Gülgəzi yadına salıb ağlayırdı. Səda gəldi mana canan elinnən, Oyandım, ağlaram bu sabahları, Bülbül ayrı düşüb qönçə gülündən, Görüm açılmasın bu sabahları. Ay da qalxıb günortanın yerinə, Talib olan qulluq eylər pirinə, Iki sevgi yetsə biri-birinə, Allaha xoş gedər bu sabahları. Abbas deyər: müsəllaya varmadım, Əl uzadıb, yar zülflərin hörmədim, Xəzəl oldu, mən gülümü dərmədim, Dərdilər tökdülər bu sabahları. Qənbər ona təsəlli verib dedi: – Abbas, qardaş, qəm yemə! Gedib, gedib. Sən kimi deyirsən onu sana alarıq. Nə çox dünyada qız. Indi sən kirimişcə yerində otur! Pərinin fikrini tamam başından dağıt! Sən şah Abbasla oynaya bilməzsən. Onnan Məhəmməd bəy kimi pəhlivan bacara bilmir. Abbasın qəmi daha da artdı. Ona təsəlli-zad kar eləmirdi. Sazını götürüb, gözlərini sim, göz yaşını təzənə eləyib, görək nə dedi: Dindirməynən, qan ağlaram, Artıbdı fərağım mənim. Durub baş alıb gedərəm, Tutduqca ayağım mənim. Fələk məni salıb ləngə, Düşmüşəm, qovğaya cəngə, Gedərəm Hində, Firəngə, Heç gəlməz sorağım mənim. Abbas qürbət elə varsa, Müxənnətdi geri qalsa, Bu deylənlər gerçək olsa, Sönübdü çırağım mənim. Anası Abbasın yanına gəldi, göz yaşlarını bir-birinə qatdılar. Anası gördü ki, Abbas gedəcək. Ona təskinlik verib dedi: – Qadan alım, oğlum, bu dönüş də mənim sözümü eşit! Heç hara getmə! Gəl Təbrizdə, Tifarqanda kimin qızını deyirsən sana alım. Sən bu daşı ətəyindən tök! Qız ağacı, qoz ağacı, çaldılar, çapdılar, daha geri qaytarmaq olmaz. Mən sənnən əl çəkəsi deyiləm. Abbas sazı götürüb, onun cavabında dedi: Nə ağlarsan, nə sızlarsan, Bir dərdi beş olan könlüm! Axırda zünnar bağlarsan, Qəmə yoldaş olan könlüm! Yarım gedib obasınnan, Alım dərdi-bəlasınnan, Çərxi-fələk badasınnan Içib sərxoş olan könlüm! Doymamışam göz-qaşınnan, Aləm yanır ataşımnan, Heç duman getmir başımnan, Baharı qış olan könlüm! Abbas ağlar arsız-arsız, Dünya, sənsən etibarsız, Deyirdin dözərəm yarsız, Döz, bağrı daş olan könlüm! Arvad genə yalvardı, yapışdı, oğlunun göz yaşını yaylığı ilə sildi, dedi: – Oğul, atanın yerində otur. Mülk-malına sahib ol! Birinin qızını da al, ev-eşik sahibi ol! Tacir ol! Bu aşıqlığı daha burax! Abbas başını bulayıb sazını sinəsinə mindirdi, dedi: Mən olmuşam dərdü qəmin barkəşi, Qəmdən tikdirmişəm nə qalam indi. Istədim ki, yara bir namə yazım, Nə mürəkkəb tapdım, nə qələm indi. Leyli Məcnun məskənini dağ etdi, Sinəsi üstün düyün etdi, dağ etdi, Fələk vurdu, ləşkərimi dağıtdı, Ləşkərim qalmadı, nə qalam indi. Bir ərzim var, mən də deyim şahana, Ilahiyə şükr eylərəm, şaha nə? Qorxuram ki, nazlı yarı şah ana, Nə qovğayam indi, nə qalam indi. Kitablar oxuyub, cimadə getdi, Məhəmməd meraca cumada getdi, Abbas ağlar, Gülgəz Cuma da getdi, Pərisiz dünyada nə qalam indi. Anası dedi: – Oğul, Pərinin bir az gözəlliyi var, nə olsun? Ondan ağıllı, kamallı qız çoxdu. O nədi ki, ondan ötrü ağlayırsan, özünü bada verirsən? Sən lap axmaq adamsan. Pəri heç əslində bir qız deyildi. Anası çox dedi, Abbas az eşitdi. Axırda çar-naçar razı olub, Abbas ilə halal-hümmət eləyib yola saldı. Abbasla Qənbər düz gəlib Pəri xanım olduğu evə çıxdılar. Abbas nə gördü, lələ köçüb, yurdu qalıb. Pəri nə gəzir? Qızıl quş yerində qarğalar, tərlan yerində sar gəzir. Ürəyi qubar eylədi. Sazı sinəsinə basıb, görək nə dedi: Gəldim, gördüm Pəri köçüb yurdunnan, Yaylaq yeri çəmən olmuş, ay olmuş. Bundan belə mən sağlığı neylərəm? Rəqib yar ləb əmən olmuş, ay olmuş. Yenə artdı mən fəqirin ələmi, Çərxi-fələk tərsə çəkdi qələmi, Göz yaşına qərq eylərəm aləmi, Qətrə sular ümman olmuş, ay olmuş. Məclisimə surahılar düzüldü, Eynim yaşı qabdan-qaba süzüldü, Ağla, Abbas, əlin yardan üzüldü, Bu gün axır zaman olmuş, ay olmuş. Pəri xanımı zalımlar Isfahana aparanda o, xəli toxuyurdu. Xəlisini yarımçıq qoyub, əlində olan kələfi də yerə tullayıb getmişdi. Bir kağız da yazıb, anasına vermişdi ki, gələndə versin Abbasa. Pərinin anası elə bilirdi ki, qızın aparıldığını Abbas bilmir. Odu ki, onun fikrini dağıtmağa çalışdı, dedi: – Abbas, başına dönüm, nə olub ki, belə rəngi-rufun solub? Abbas dedi: – Ana, tez Pəri xanımdan mana bir xəbər! Arvad Pəri xanımın aparıldığını Abbasdan gizlətmək istədi. Özünü şad göstərib dedi: – Qadan alım, Pəri xanım qonşuya gedib, bu saat gələcək. Abbasın gözünə Pəri xanımın toxuduğu xalı dəydi. Sazı köynəyinnən çıxarıb, zilini zil, bəmini bəm eləyib, görək nə dedi: Müşərrəfəm, dilbər, sənin yolunda, Dünya şövkətinnən xalı san barı, Uğradıbsan məni Əyyub dərdinə, Dərmanım səndədir, halısan barı? Sallana-sallana oda gedərsən, Yandırıb cismimi oda gedərsən, Nahaq dilbər, sən da oda gedərsən, Od budu – sinəmdə xalis anbarı. Xalı yığışdırılır var ayağına, Yoxsul üzün sürtür var ayağına, Abbas, əlin yetsə yar ayağına, Döşən payandaz, ol xalı, sən barı. Abbas sözünü tamam elədi. Arvad baxdı ki, Pərinin getdiyini Abbas bilir. Kağızı çıxardıb ona verdi. Abbas Pərinin kağızını oxumağa başladı. Pərinin anası ona dedi: – Oğul, sən heç ağlayıb sızlama. Məhəmməd bəy gələcək. Pərini yer üzündə də olsa tapıb gətirəcək, yer altında da. O elə oğul deyil, qısası yerdə qoymayacaq. Sən arxayınca yerində əyləş. Abbas sakit olmadı, sazı götürüb dedi: Ağlaya-ağlaya düşdüm yollara, Yar ayrısı, dərdü möhnət yara yüz... Dərdim olub əvvəlkinnən beşbetər, Şan-şan oldu qara bağrım, yara yüz. Tutdum yar əlinnən bəlkə sağalam, Saqi laldı, saqi sərxoş, saqi lam, Çətin-çətin bu yaradan sağalam, Dərd bir olub, dərman doxsan, yara yüz. Abbas deyər: yara qurban yar üçün, Doğra bağrım, kəs ciyərim yar üçün, Yar odu ki, bu dünyada yar üçün, Yaxa yırta, zülf dağıda, yara üz. Bəli, bu da Abbası saxlaya bilmədi. Kəcavələrin getdiyi yolu öyrənib, daban aldı. Abbas beş mənzili bir mənzil eləyib gedirdi. Bir də baxdı ki, odu, uzaqdan kəcavə görünür. Abbasın ürəyi dəmirçi körüyü kimi alışıb yandı. Sazı sinəsinə basıb dedi: Başına döndüyüm, qurban olduğum, Qoyma, dəli Becan yarım apardı! Alışıb oduna büryan olduğum, Qoyma, dəli Becan yarım apardı! Şah Abbas hökmilə naməni yazır, Qurub kəcavəni olubdu hazır, Isfahannan gəldi o zalım vəzir, Qoyma, Dəli Becan yarım apardı! Mən Abbasam, heç vaxt söyləməm yalan, Elimə ölkəmə saldılar talan, Xoca, Dəli Becan, Allahverdi xan, Qoyma, Dəli Becan yarım apardı! Abbas baxdı ki, belə getməklə karvana çata bilməyəcək. Özünü bir kəsə yola saldı. Bu yolnan gedib, onlardan qabaq Xoca Yəqub quyusunun başına çıxdı. Oturub gözləməyə başladı. Hannan-hana kəcavə gəlib çıxdı. Becan kəcavəni bir az kənarda açıb, quyudan su çəkməyə gəldi. Baxdı ki, quyunun başında bir cavan aşıq oturub. Becan aşıqdan əhval-pürsan olanda Pəri xanım başını kəcavədən çıxardıb, gördü nə... Abbas quyunun başındadı. Becan Pərinin nişanlısının Aşıq Abbas olduğunu eşitmişdi, amma görməmişdi. Onun üçün də Aşıq Abbası tanımadı. Tez Pərinin yanına qayıdıb gördü ki, Pəri ağlayır. Ondan soruşdu: – Bu sirdən məni agah elə görüm, sən niyə bu aşığı görəndə ağladın? Pəri sirri gizlədə bilməyib dedi: – Becan, o gördüyün aşıq mənim sevgilimdi. Onun üçün ağladım. Becan elə Abbası çoxdan axtarırdı. Sarı Xoca ilə kənara çəkilib, söz bir yerə qoydular ki, Abbası quyuya salıb öldürsünlər. Tez bir yaxşı süfrə düzəltdilər. Abbası da çağırıb, dil-ağız eləyib dedilər: – Abbas, padşah əmridi. Sənin nişanlını aparırıq. Bizdə günah yoxdu. Sən heç qorxma. Biznən gedərsən. Şah Abbas rəhmkar bir adamdı. Sana baxıb, nişanlını özünə verər. Heç qəm etməginən. Indi gəl, sən hamımızdan cavansan, səni quyuya sallayaq, bir az su içək, sonra yola düzələk. Abbas bunların sözünə razı oldu. Onların kələyini bilmədi. Bəli, hamı quyunun başına gəldi. Kəndiri Abbasın belinə bağlayıb, quyuya saldılar. Bir xeyli su çəkənnən sonra kəndiri kəsdilər. Abbas quyuda qaldı. Pəri bunu görəndə dad-fəğan eləyib qışqırdı, ağladı, yalvardı ki, Abbası çıxartsınlar. Ancaq onun sözünə baxmadılar. Pəri xanım yüyürüb, quyunun başına gəldi. Becan baxdı ki, Pəri özünü quyuya atmaq istəyir. Tez onu tutdu. Güclə dartıb, kəcavəyə mindirmək istəyəndə Pəri dedi: – Becan, qoy heç olmazsa bir neçə söz deyim, sonra nə eləyirsən elə! Bircə insaf eylə, ay zalım Becan, Ayırma Abbasdan, zülmdü mana. Sənsən bu ölkədə ədalət, divan, Ayırma Abbasdan, zülmdü mana. Becan, sən eləmə qəddimi kaman, Aşiqə, məşuqə çəkdirmə aman, Sən olasan o duz-çörək, nəmək-nan, Ayırma Abbasdan, zülmdü mana. Pəri dərd əlinnən yetişdi cana, Oldum yar eşqinnən dəli, divana. Qəflə-qatır işlər ol Tifarqana, Ayırma Abbasdan, zülmdü mana. Becan onu sürüyə-sürüyə kəcavəyə mindirdi. Kəcavə yola düzəldi. Pəri başına döydü, şivən eylədi, tay haray hara çatacaq? Abbas əldən çıxmışdı. Başını yerə sövkəyib, ağlamağa başladı. Indi eşit Abbasdan! Abbas qəflə-qatırın tappıltısınnan bildi ki, kəcavə yola düzəldi. Pəri getdi. Quyunun içərisində sazı sinəsinə basıb, görək nə dedi: Ay ağalar, gedənə bax, gedənə, Məni gözü yaşlı qoyub, yar gedər, Yüklənibdi qəflə-qatır, barxana, Sanasan ki, külli-aləm var gedər. Bizim yerin bənövşəsi bitibdi, Heyf, cavan ömrüm başa yetibdi, Kəcavəsi gedib gözdən itibdi, Dəvə bozlar, sarvan ağlar, nər gedər. Gəzdim alçaqları, gəzdim ucanı, Görüm yolda qalsın dəli Becanı, Yar yolunda qoyum bu şirin canı, Abbas ağlar, Pəri kimi yar gedər. Bunlar getməkdə olsun. Abbas da quyuda qalmaqda, al xəbəri quyunun sahibi Xoca Yəqubdan! Xoca Yəqub həmişə sübh namazını bu quyunun başında qılardı. Səhər tezdən genə də quyunun başına gəldi. Baxdı ki, kimsə quyunun ağzını möhkəm-möhkəm daşla qayırıb. Xoca Yəqub qaldı mat-məəttəl ki, görəsən bu necə olan işdi. Bir də Xoca Yəqub bir hənirti eşitdi. Diqqət eləyib, baxdı ki, səs quyudan gəlir. Xoca Yəqub əvvəl elə bildi ki, onu qara basır. Ya quyuda cin, şeytan var. Istədi durub qaça. Sonra özünə ürək-dirək verib diqqət elədi, gördü yox, bu hənirti adam hənirtisinə oxşayır. Səsləndi: – Quyudakı, kimsən? Abbas dedi: – Mənəm. Tifarqanlı Aşıq Abbasam. Məni quyuya salıblar. Kimsənsə, Allah xatirinə, məni buradan xilas eylə! Xoca Yəqub səsindən Abbası tanıdı, dedi: – Abbas, səni kim saldı quyuya? Abbas dedi: – Dəli Becan. Xoca Yəqub dedi: – Dayan, gedim adam gətirim, daşı quyunun ağzınnan götürtdürüm, bir də ip gətirim, səni çıxardım. Xoca Yəqub bunu deyib, daban aldı kəndə tərəf. Bu vaxt Abbas nə gördü? Darda qalanların dadına yetən Şahimərdan, budu gəldi. O saat əlini atıb quyunun ağzındakı daşı götürüb, atdı bir tərəfə, dedi: – Abbas, qorxma, səbr elə, nicat taparsan. Bunu deyib, əlini uzatdı, Abbası quyudan çıxardıb, qoydu kənara. Abbas bayax ha ağılı sərdən verib, bihuş yıxıldı yerə. İndi Abbas burada qalsın, sənə kimnən deyim, Xoca Yəqubdan. Bəli, Xoca Yəqub özünü kəndə çatdırdı. Bir dəstə adam götürüb, quyunun başına gəldi. Baxıb nə gördü? Daşı quyunun ağzınnan kənara tullayıblar. Abbas da kənarda bihuş yatır. Xoca Yəqub əlini göyə tutub dedi: – Xudaya, bu nə möcüzədi? Bu daşı quyunun ağzınnan kim götürdü? Bunu quyudan kim çıxartdı? Bu dəmdə Abbas ayıldı. Dörd tərəfə baxdı, göz gəzdirdi. Xoca Yəqubgildən başqa kimsəni görmədi. Sazı sinəsinə basıb, görək onlardan necə xəbər aldı: Kor olasan, ay gözlərim, Ağam görən hara getdi? Beşikdə ikən əntəri Iki bölən hara getdi?.. Zülfüqarı çəkdi daşa, Bir cüt bulaq çıxdı qoşa. Əjdahanı başdan-başa Bölüb, soyan hara getdi?.. Istərəm Şiri-xudanı, Ağamı, Şahi-mərdanı; Mən Abbası, binəvanı, Ağlar qoyan hara getdi?.. Xoca Yəqub sözdən bütün əhvalatı başa düşdü. Üstəlik onu da bildi ki, Abbas sevgilisinin dalınca gedir. Xoca Yəqub ona xeyir-dua verib dedi: – Aşıq, get! Yaxşı yol! Uğurlar olsun! Allah səni öz sevgilinə çatdırsın! Abbas Xoca Yəqubla görüşüb, Isfahana yol aldı. Bir müddət yol gedənnən sonra bərk yoruldu, qıçları heydən düşdü, üzüquylu düşüb yatdı. Aləmi-röyada gördü ki, bir adam ona deyir: – Abbas, qalx! Yatmaq vaxtı deyil! Abbas sərsəm yuxudan ayılıb, gördü göy əmmaməli, göy atlı bir adam onun yanında durub. Göy atlı dedi: – Abbas, bu atın rikabınnan yapış, gözlərini də yum! Havaxt desəm aç, onda açarsan. Abbas atın rikabınnan yapışıb, gözlərini bərk yumdu. Bir az sonra atlı dedi: – Abbas, gözlərini aç! Abbas gözlərini açdı, gördü Isfahan şəhərindədi. Yanında da heç kəs yoxdu. Çox fikirləşdi, bilmədi hara getsin. Gəzə-gəzə bir çayçıya rast gəldi. Çayçı baxıb gördü ki, bu elə bir gözəl oğlandı ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə! Özü də qərib adamdı. Dedi: – Oğlan, görürəm qəribsən. Gəlsən, mənim yanımda şəyird qalasan. Abbas dedi: – Qalaram, niyə qalmıram. Bəli, Abbas çayçıya şəyird qaldı. Burada üç-dörd gün şəyirdlik elədi. Abbas çayçıdan bütün əhvalatı öyrənib bildi ki, hələ Becan Gülgəz Pərini Isfahana gətirib çatdırmayıb. Abbas gözləməyə başladı. Bəli, bir gün, beş gün, bir həftə, iki həftə, düz qırx gün keçdi. Qırx birinci gün şəhərdə şadyanalıq başladı. Abbas baxdı ki, hamı tamaşaya gedir. Gəldi çayçının yanına, dedi: – Əmi, biz də tamaşaya gedə bilərikmi? Çayçı dedi: – Niyə gedə bilmirik, lap yaxşı gedərik. Könlün istəyirsə, dur bu saat gedək. Çayçı Abbası da götürüb, ala qapının ağzına gəldi. Bir az gözlədilər, bir də gördülər ki, kəcavələr, budu, gəlir. Becan Aşıq Abbası görən kimi tanıdı. – Vəzir, biz bunu Xoca Yəqubun quyusuna salıb gəlmədikmi? Bu nə təhər işdi? Bu quyudan necə çıxdı? Özü də bizdən tez gəlib çatıb. Abbas onları belə mat-məəttəl görüb, özünü atdı ortaya, dedi: – Çox fikir eləmə, Becan! Pəri xanımı Şah Abbas üçün gətirməyin şadlığına izn ver bir neçə söz deyim. Becan izn vermək istəmədi. Camaat yerbəyerdən qışqırdı: – Söylə, aşıq, söylə! Aldı Aşıq Abbas: Başına döndüyüm, qurban olduğum, Endir kəcavəni, yarı görəyim. Ala gözlərinə heyran olduğum, Endir kəcavəni, yarı görəyim. Əmən bilər ləblərinin qəndini, Salmışam boynuma yar kəməndini, Telli, sarvan, sən bilirsən fəndini, Endir kəcavəni, yarı görəyim. Mən Abbasam, yol üstündə duraram, Gah ağlayıb, gah da boynum buraram, Sarı sarvan, sana bir ox vuraram, Endir kəcavəni, yarı görəyim. Söz tamam oldu. Becan çayçıdan soruşdu: – Bu neçə vaxtdı buradadı? Çayçı dedi: – Qırx gündü ki, mana şəyirddi. Becan bu işə mat-məəttəl qaldı. Tez özünü Şah Abbasın hüzuruna yetirdi. Ədəb salamını yerinə yetirənnən sonra dedi: – Qibleyi-aləm sağ olsun, sana bir sözüm var. Əgər izn versən deyərəm. Şah dedi: – İzndi, de! Becan dedi: – Şah sağ olsun, qız gəlib, ancaq nişanlısı da gəlib. Şah Abbas dedi: – Becan, bu nə sözdü? Necə nişanlı? Becan dedi: – Şah sağ olsun, Pərinin Abbas adlı bir nişanlısı var. O bizim dalımıza düşüb Xoca Yəqubun quyusunun başına gəlmişdi. Biz onu quyuya saldıq. Ağzına da elə bir daş qoyduq ki, qırx adam götürə bilməzdi. Indi gəlib burada görürəm ki, Abbas çayçının yanında şəyirddi. Özü də qırx gündü buradadı. Şah əmr elədi Abbas ilə çayçını onun hüzuruna gətirdilər. Şah xəbər aldı: – Aşıq, bunlar səni Xoca Yəqubun quyusuna salmışdılar, bəs nə cür olub ki, orada ölməyib nicat tapmısan? Abbas dedi: – Şah, dilimlə desəm, dilim quruyar. Izn ver, sazla deyim. Şah Abbas izn verdi. Aşıq Abbas sazı sinəsinə basıb, görək nə dedi: Qalmışdım qəri-zəmində, Cuşimə bir nida gəldi. Oyandım xab-qəflətdən, Məhəmməd Mustafa gəldi. Dərin dəryaya dalmışdım, Könlu zülmata salmışdım, Hamıdan dalda qalmışdım, Dada Imamzada gəldi. Özüm doğru, sözüm düzdü, Bədən birdi, yara yüzdü, Abbas, üzün nurlu üzdü, Cəbrayıldan səda gəldi. Şah Abbas qəzəblənib dedi: – Ədə, nə Məhəmməd Mustafa, nə Imamzada, nə Cəbrayıl? Sən nə danışırsan? Səni bu saat içi zəhərnən dolu quyuya salım, qoy dediklərin gəlib qurtarsın, görək nə cür qurtaracaqlar. Bu tədbir Sarı Xoca ilə Becana çox xoş gəldi. Yerbəyerdən dedilər: – Şah sağ olsun, tədbirin çox gözəl tədbirdi. Əmr et, əməl eləsinlər. Bunların bu hərəkətləri Aşıq Abbası yandırdı. Sazını döşünə basıb dedi: Şeytan qalib olub, şeytənət artsa, Dəyər bir-birinə kəc adam oğlu. Bütün dünya haqq yolunda düz olsa, Qoymaz düzəlməyə bic, adam oğlu. Bir söz deyim sənə, qəzəbə dolma! Namərdin əlinnən heç badə alma! Seyrağıb adamla oturub-durma! Bir gün elər səni puç, adam oğlu! Abbas deyər: cism nədi, can nədi, Ərəsətdə gedə nədi, xan nədi, Zülmkar padşaha din, iman nədi, Qoyubsan küfrnən, tac, adam oğlu! Aşıq Abbasın bu sözləri Şah Abbasın qəzəbini daha da artırdı. Ağzı köpükləndi. O saat hökm elədi, Aşıq Abbası zəhərlə dolu olan bir quyunun içinə saldılar. Çayçı Abbasın paltarını, sazını götürüb ağlayaağlaya evinə getməkdə olsun, indi eşit Pəri xanımnan. Pəri xanım başına-gözünə döydu, göz yaşını tökdü. Özünü öldürmək istədi. Şah Abbas onu hərəmxanasına göndərdi. Elə bil Pəri zindana düşdü. Axşam oldu, Şah Abbas durub Pərinin yanına getdi. Pərinin gözəlliyi Şah Abbası heyran eləmişdi. Baxdı ki, Pərlam doğrudan da heç bunun əlinə su tökməyə də yaramaz. Şah Pəri xanıma yaxınlaşmaq istədi. Pəri dedi: – Mənim sevgilimi zəhər quyusuna atıb öldürdün, bu öz yerində, ancaq onun qırxı çıxmamış, mənə səmt gəlsən özümü öldürəcəyəm. Şah Abbas gördü xeyr, əməl eləyəsi iş deyil, ona əl vursa özünü öldürəcək, ipə-sapa yatan adam deyil. Odu ki, razı oldu. Bunlar burada qalsın, sizə xəbəri verim Məhəmməd bəydən. Məhəmməd bəy səfərdən evlərinə gəlib gördü nə Abbas var, nə Pəri xanım. Anası bütün əhvalatı, mən sizə nağıl elədiyim kimi, ona nağıl elədi. Məhəmməd bəy çox qəmləndi. Bildi ki, bacısını Isfahana Şah Abbasın hərəmxanasına aparıblar, Abbas da onun dalınca gedib, özü də Şah Abbas Aşıq Abbası öldürəcək. Üç adam çağırtdırdı, biri ərəb, biri fars, biri də türk. Onlara dedi: – Qoçaqlarım, Isfahana gedərsiz. Aşıq Abbasın öldü-qaldısını öyrənərsiz, qayıdıb mənə xəbər verərsiz. Şah Abbasa qonaq olub deyərsiz bizə elə aşıq lazımdı ki, üç dildə söz deyə bilsin: ərəbcə, farsca, türkcə. Bunu Abbasdan başqa dünyada heç kəs bacarmaz. Onda Abbasın öldü-qaldısını şah sizə deyəcək. Məhəmməd bəy bunlara çoxlu pul verib, yola saldı. Bunlar yola düşüb, Isfahana tərəf getməyin binasın qoydular. Mənzilbəmənzil, teyyi-mənazil, az getdilər, üz getdilər, gedib Isfahana çıxdılar. Uzaq ölkə qasidi kimi, Şah Abbasın yanına gedib, xidmət məqamında dayandılar. Şah Abbas onlardan soruşdu: – Nə məqsədə gəlmisiniz? Qasidlər dedilər: – Şah sağ olsun, bizim ölkədə yaşayan əhali üç dildə danışır: ərəbcə, farsca, türkcə. Bizim padşahımız oğluna toy eləyir. Ona üç dildə oxuya bilən aşıq lazımdı. Deyirlər Təbrizdən bura Abbas adlı bir aşıq gəlib, o bilir. Onun üçün gəlmişik. Padşah dedi: – Bizim ölkədə ərəbcə, farsca, türkcə oxuya bilən aşıq yoxdu. O, dediyin Abbas da zəhər quyusuna düşüb ölüb. Qonaqlar çayçıya rast gəlib, ona qonaq oldular. Çayçı bunlara çox hörmət-izzət elədikdən sonra soruşdu: – Qonaqlar, ayıb olmasın soruşmaq, deyin görüm, siz bura niyə gəlmisiniz? Dedilər: – Bizim Aşıq Abbas adlı bir adamımız itib. Onu axtarırıq. Çayçı dedi: – Aşıq Abbas elə mənim evimdə olurdu. Şah Abbas onu zəhər quyusuna atıb öldürtdü. Qonaqlar dedilər: – O zəhər quyusunun yerini bilirsənmi? Çayçı dedi: – Bilirəm, ancaq oraya heç kəs gedə bilməz. Qonaqlar dedilər: – Sana bir kağız yazıb versək Gülgəz Pəriyə çatdıra bilərsənmi? Çayçı dedi: – Çatdıra bilərəm. Qonaqlar bir kağız yazıb, çayçı ilə Pəri xanıma göndərdilər ki, bilsin görək Aşıq Abbas ölüb, yoxsa hələ sağdı. Çayçı kağızı Pəri xanıma aparmaqda olsun, qulluğunuza Pəri xanımnan xəbər verim. Pəri xanımın yanında Bəyim adlı bir imanlı qarı var idi. Bu qarı çox rəhmdil bir arvad idi. Pəri xanım həmişə sözünü ona söyləyib, sirrini ona deyərdi. O da Pəri xanıma əlinnən gələn köməyi elərdi. Pəri xanım Bəyim qarı ilə oturub söhbət eləyirdi, bu vaxt çayçı kağızı gətirib ona verdi. Pəri xanım qarını da götürüb, gəzmək bəhanəsilə quyunun başına gəldi. Indi eşit Abbasdan. Abbas ölməmişdi. Qeybdən quyuda olan zəhər gülaba, Abbasın yeri də zərrin otağa dönmüşdü. Abbas gülab içində oturub, fikir dəryasına batmışdı, birdən Gülgəz Pərinin bir damla göz yaşı onun üzünə düşdü. Abbas dik sıçradı. Onun canı tir-tir əsdi, bu damla suyun yar gözünün yaşı olduğunu hiss etdi. O saat üzünü yuxarıya tutub, görək nə dedi: Başına döndüyüm ala göz Pəri, Gahdan ağla, gahdan yada sal məni! Qara bağrım şan-şan oldu, dəlindi, Gahdan ağla, gahdan yada sal məni! Bağman oldum, bağım təğayır oldu, Gözüm gördü, ağlım tağayir oldu, Xoryat əli dəydi, toğ ayır oldu, Gahdan ağla, gahdan yada sal məni! Mən sana can dedim, sən də mana can, Alış eşq oduna, mənim kimi yan, Adım Aşıq Abbas, yerim Tifarqan, Gahdan ağla, gahdan yada sal məni! Bəyim qarı baxdı ki, Abbas sağdı, Pərinin gəlməyini də bildi. Indi əgər Pəri də başlayıb onunla danışsa, eşidib bilən olar, işin içindən iş çıxar. Odu ki, Pərini danışmağa qoymayıb dedi: – Qızım, Abbasın sağlığını ki, bildin, bəsdi. Tay burada durmaq olmaz. Abbası orada saxlayan saxlayıb. Bilib, gələrlər. Abbası da öldürərlər, bizi də. Gəl çıxaq gedək! Pəri baxdı ki, Bəyim qarı ağıllı söz deyir. Durub onunla evə gəldi. Sonra Bəyim qarını göndərdi ki, gedib əhvalatı çayçıya xəbər versin. Bəyim qarı özünü tez çayçının evinə yetirib dedi: – Adamlara xəbər ver ki, Abbas hələ sağ-salamatdı. Adamlar bu xəbərdən çox şad oldular, ancaq nə qədər elədilər, çalışdılarsa, özlərini quyunun başına sala bilmədilər. Axırda naəlac qalıb, Məhəmməd bəyə xəbər vermək üçün geri, yola düşdülər. Aşıq Abbas üçün quyuda bir saat bir il keçirdi. Günlərin bir günü öz-özünə dedi: – Yaxşı, mən bu quyunun içərisində həmişə qalım, nə olsun? Axı mənim sevgilim şah Abbasın əlində qalıb. Mənim yolumu gözləyir. Mən onu şah Abbasın əlinnən qurtarmalıyam. Dərd yenə də Abbası götürdü. Sazı sinəsinə basıb, görək nə dedi: Xaliqi ləm-yəzəl, vahidi-yekta, Salma nəzərindən, ay ağa, haray!.. Mən ki, qovruluram tənə sözüynən, Pərvanə tək yandım, ay ağa, haray!.. Başına döndüyüm ala yapışır, Zər-zərbaf geyinib, ala yapışır, Mərdin qaydasıdı – ələ yapışır, Seyrağıb əl atar ayağa, haray!.. Kəbədən gələnin bu müşk gülünə, Bülbül, əhvalını demiş gülünə, Şikəstə Abbasın bu müşkülünə, Sən özün yet dada, ay ağa haray!.. Abbas sözün qurtaran kimi bir səs gəldi. Qeybdən ona dedilər: – Abbas, fikir eləmə! Gözlərini yum! Səni zəhər içində bəsləyən, sənə nicat da verəcək. Abbas gözünü yumdu. Bir vaxt gözünü açıb, özünü Pəri xanımın bağının qabağında gördü. Gözünü dörd tərəfə gəzdirib gördü ki, Pəri xanım eyvanda dayanıb. Pəri xanım da Abbası görüb güldü. Pəri xanımın gülməyi Abbasa toxundu. Öz-özünə dedi: ey dadi-bidad, yəqin Pəri xanım mənnən üz döndərib. Mənim bu hala düşməyimə gülür. Yəqin ki, o, şah Abbasın fənd-felinə uyub. Sazı sinəsinə basıb dedi: Nə gülürsən, mənim kimi gülüncə, Sən mana gülüncə, dərdə gül, Pəri! Alişan otaqda, zərnişan bağda Süsəni, sünbülü dər də, gül, Pəri! Bir zaman gəzirdik Təbrizdə bağı, Sinəmə çəkirsən dağ üstdən dağı. Bənd edibsən mənim kimi dustağı, Sən məni qoyubsan darda, gül, Pəri! Abbas gətirildi dar ayağına, O qulaş qolların sal ayağına, Qanınnan xına yax əl-ayağına, Indi mənim kimi mərdə gül, Pəri! Pəri xanım baxdı ki, gülməyi Abbasın keyfinə toxunub. Tez Abbasın yanına gəldi. Iki aşiq-məşuq bir-birinin boynuna sarıldılar. Pəri xanım dedi: – Abbas, mən sənin salamat qurtarmağına sevinib gülürdüm. Sən niyə incidin? Abbas dedi: – Elə bildim ki, rəqibə uyub, məni tərk eləmisən. Gülgəz Pəri dedi: – Ağlına ayrı şey gəlməsin. Mən sənnən dönmərəm. Ancaq qorxuram gəlib bizi burada görələr. Gəl tez buradan çıxıb gedək! Abbas dedi: – Pəri, qadan alım, bir neçə tapşırığım var, qoy deyim, sonra get! Ölüm itimdi, bəlkə sonra heç görüşmədik. Bunu deyib Abbas sazı döşünə basdı: Başına döndüyüm, a Gülgəz Pəri, Əmərlər dilini, aman, əl aman!.. Badi-səba mənlə yaman yağıdı, Dağıdar telini, aman, əl aman!.. Kəsmə ala gözün siyah sürməsin, Seyrağıblar qönçə gülün dərməsin, Pünhan danış, bədnəzərlər görməsin, Kəsərlər dilini, aman, əl aman!.. Hərdən sən Abbası yada salanda, Dindirib, söylədib, könlün alanda, Əbrişim saçların səcdə qılanda, Incidir belini, aman, əl aman!.. Gülgəz Pəri dedi: – Abbas, heç qorxma! Yel də olub yanımnan ötə bilməzlər. Mən səninəm, sən də mənim. Abbas ilə Gülgəz Pəri bir-birindən ayrıldılar. Abbas tez çayçının evinə gəldi. Çayçı onun üzünnən-gözünnən öpüb, salamat qalmağına çox sevindi. Abbas Təbrizdən əhval soruşdu. Çayçı Təbrizdən gələn adamların əhvalatını ona söylədi. Çayçı Abbasa faxir libas geyindirib hamama apardı, qaytarıb evinə gətirdi. Dedi: – Abbas, heç bir yana çıxma! Şah adamları səni görərlər, genə tutarlar. Bəli, bir neçə gün də belə gəldi, keçdi. Abbas çayçının evində yedi, içdi, istirahət elədi. Günlərin bir günündə Abbas öz-özünə dedi: Ey dadi-bidad! Mən burada niyə oturmuşam? Gedim Gülgəz Pərinin bağının yanına, bəlkə onu gördüm. Abbas özünü Pəri xanımın bağının yanına saldı, baxdı ki, Gülgəz Pəri bir dəstə qız ilə bahar bağında seyrə çıxıb. Abbas bunu görəndə sazı sinəsinə basdı, dedi: Yar geyinib yaşılınnan, alınnan, Elə bildim sonam bu, sudan gəlir. Müjgan atdı, dəydi, keçdi sinəmnən, O cadu qəmzələr, busudan gəlir. Örtübən başına şalı-zər, gəzər, Abıdan nimtənə, qızıl düymələr, Yaraşır belinə zərbafdan kəmər, Çəpkənli, çarqatlı ağ bədən gəlir. Abbasam, çəkərəm aman-amana, Nə ola yetəydi əlim canana, Qoynu içi dönüb taza bostana, Sərxoş sevdiciyim bu sudan gəlir. Pəri xanım Abbasın səsini eşidib, çox şad oldu. Amma elə bu dəqiqədə Dəli Becan çıxıb onu gördü. Aman verməyib tutdu, bir baş Şah Abbasın yanına gətirdi. Şah Abbas çox təəccüb elədi, dedi: – Abbas, bu necə oldu ki, o zəhər quyusunun içində sən parçalanıb ölmədin? Axı o zəhər elə zəhərdi ki, onun içərisində bir dəqiqə dayanmaq olmazdı. Bu nə sirdi? Aşıq Abbas dedi: – Şah, icazə ver, sazla deyim. Şah icazə verdi. Aldı Aşıq Abbas, dedi: Onun kimi şahi-xuban sevənin, Nə dərdi var, qala qəmlər içində? Gözəl şahın üzün görən çürüməz? Yüz il qalsa elə nəmlər içində. Əmib, əmib ləblərinnən qanaram, Elə bilmə, ölsəm, yardan dönərəm, Gündüz odlanaram, gecə yanaram, Yarı görüb naməhrəmlər içində. Şah Abbas Becana dedi: – Becan, bunun yarının yanına kim getmişdi ki, bu belə danışır? Becan dedi: – Şah sağ olsun, Sarı Xocadan başqa onun yanına kimsə gedə bilməz. Şah Abbas dedi: – Abbas, Sarı Xoca anadan doğma xonsadı. O həmişə arvadlar içərisində olur. Onu bil ki, bu vaxta kimi Pəri xanımın yanına heç kəs getməyib. O sənin yasını saxlayır. Ikincisinə qalan yerdə, Pəri xanımın sana nə dəxli var? Naməhrəm yanına gəldi, gəlmədi. Aşıq Abbas dedi: – Şah, gerisinə qulaq as! Əzəldən Abbasın sahibi sənsən, Hökmi-Süleymansan, təxti-rəvansan, Sərdari-əzəmsən, kökəb-nişinsən, Məlakəsən münəvvərlər içində. Aşıq Abbasın bu sözləri Şah Abbasın xoşuna gəlmədi. Abbası yanından qovdurdu. O gedəndən sonra Becanı çağırıb dedi: – Becan, nə olursa-olsun, mən bu gecə Aşıq Abbası öldürməliyəm. Axırı bu bizə əngəl olacaq. Sonra da Sarı Xocanı çağırıb dedi: – Xoca, evə əlvan fərş döşərsən. Altına da ağzı yuxarı zəhərli almas qılınclar qoyarsan. Abbas gəlib keçəndə parçalanıb ölər. Şər deməsən, xeyir gəlməz. Işdi, elə ki, ölmədi, keçdi, onda bir almaya süleymani zəhər daxil edib verərsən, ölüb başımızdan rədd olub gedər. Sarı Xoca şahın əmrini yerinə yetirdi, tapşırdıqlarını düzəltdi. Bəli, axşam oldu, Abbası toy-nağara ilə döşənmiş evə apardılar. Becan Abbasa dedi: – Abbas, şah əmridi, gir bu əttarxanaya, kefin nə istəyir ləligövhərdən götür, sonra məclis başlarıq. Məclis qurtarandan sonra da sənin toyunu buradaca edəcəyik. Abbas evə qədəm basmayıb, qapıda dayandı, dedi: – Becan, qoy bir neçə söz deyim, sonra içəri girim. Aldı, görək nə dedi: Əttar dükanında bir molla gördüm, Tutubdu dəstində varağını gör! Aldı cavabımdan, cavab anladı, Döndərdi, mənanın var, ağını gör! Abbas sözünü qurataran kimi, almas qılınclar hamısı yastısına yerə düşdü. Abbas onların üstündən keçib evə girdi, mollanın yanına getdi. Molla ona dil-ağız eləyib, bir alma uzatdı, dedi: – Abbas, bu almanı şah veribdi, al, ye! Sonra toyunu edəcəyik. Abbas dedi: – Molla, bir bənd söyləyim, sonra. Aldı Abbas: Bitib dost bağında canım alması, Dərmə, kamil deyil, canım, alması. Necə qəbul elər, canım alması Doğram-doğram eylər, var, ağını gör! Pəri xanım da yuxarıdan baxırdı. O, Abbasın işin içinnən ustalıqla çıxmasına sevindi. Başını bulayıb gülmək istəyəndə qulağındakı sırğanın səsi otağa düşdü. Səsi Abbasın qulağı çaldı. Dedi: Mənim yarım qaş oynadar, baş bular, Göz süzdürər, dil tərpədər, baş bular, Qibləgahım başım üstdən baş bular, Tez azdı, sırğanın var ağını gör! Padşah baxdı ki, Abbas qılıncları da bildi, almanı da. Üçüncünü də yoxlamaq istədi, dedi: – Gedin, görün Pəri xanımın sırğası səslənibdimi? Bir adam gedib Pəri xanımdan soruşdu və geri qayıdıb, padşaha dedi: – Qibleyi-aləm, doğru deyir. Pəri xanım başını tərpədib, sırğa səslənib. Şah Abbas işi belə görəndə çağırdı Becan ilə Sarı Xocanı. – Deyin görüm, nə tədbiriniz var? Sarı Xoca ilə Becan Pəri xanımın paltarını bir dul ifritə qarıya geydirib, öyrətdilər ki, Pəri adı ilə içəri girib, gedib şahın ətəyinnən tutsun, desin: “Mən Abbası istəmirəm, səni istəyirəm”. Bu tədbiri hazırladılar, sonra girib dedilər: – Şah sağ olsun, biz belə məsləhət görürük ki, bu barədə Pəri xanımın özünün fikrini bilək, görək o kimə getmək istəyir. Şah Abbasa, ya Aşıq Abbasa? Hamı bu məsləhəti bəyəndi. Becan ilə Sarı Xoca Pərinin paltarını geyinmiş qarını içəri saldılar. Qarı düz gedib Şah Abbasın ətəyinnən tutdu ki: – Mən Şah Abbasa Getmək istəyirəm. Aşıq Abbas məsələni başa düşdü. Sazı döşünə basıb dedi: Ay ağalar, gəlin sizə söyləyim, Ala qarğa şux tərlanı bəyənməz. Oğullar atanı, qızlar ananı, Gəlinlər də qaynananı bəyənməz. Adam var ki, getməyəsən işinə, Adam var ki, dolanasan başına, Adam var ki, ayran tapmır aşına, Dindirərsən yağlı nanı bəyənməz. Adam var əyninə geyinir dəri, Adam var dünyada gəzir sərsəri, Adam var mərfətdən yoxdu xəbəri, Dindirərsən yol-ərkanı bəyənməz. Adam var çölləri gəzər kəllahı, Adam var tanımaz o bir Allahı, Adam var ki, bilməz o, bismillahı, Adam var ki, yol-ərkanı bəyənməz. Adam var dolanar səhranı, düzü, Adam var düşürər külli-nərgizi, Adam var geyməyə tapılmaz bezi, Adam var, al geyər, şalı bəyənməz. Adam var çox işlər eylər irada, Adam var ki, yetə bilməz murada, Adam var ki, çörək tapmaz dünyada, Adam var yağ yeyər, balı bəyənməz. Adam var ki, adamların naxşıdı, Adam var ki, anlamazdı, naşıdı, Adam var ki, heyvan ondan yaxşıdı, Dindirərsən heç insanı bəyənməz. Adam var dəstinə verəsən güllər, Adam var gözünə çəkəsən millər, Tifarqanlı Abbas, başına küllər, Nə günə qalmısan, qarı bəyənməz. Bu kələk də baş tutmadı. Aşıq Abbas bunu da bildi. Şah qəzəblənib, cəlladı çağırdı. Cəllad hazır olub dedi: – Şah sağ olsun, qolum qüvvətli, qılıncım kəskin, kimi istəyirsən, boğazını cücə boğazı kimi üzüm. Şah Abbas dedi: – Bu aşığı aparıb dar ağacından asarsan. Cəllad Aşıq Abbası yaxalayıb, dar ağacının dibinə apardı. Aşıq gördü ölüm zamanıdı, əli yarından üzülür, üzünü cəllada tutub dedi: – Cəllad, qoy bir neçə sözüm var, deyim, sonra kəndiri boğazıma keçir. Sazı sinəsinə basıb, görək nə dedi: Durum dolanım başına, Ala gözlü yar, gedirəm. Ölsəm, boyuna sadağa, Qalsam, intizar gedirəm. Mərd ilə eylə ülfəti, Çəkmə namərddən minnəti, Bülbül kimi gül həsrəti, Qışı, yazı, zar gedirəm. Abbas deyər: gül fəslidi, Bundan artıq dərd hansıdı? Ayrılığın vədəsidi, Gəl könlümü al, gedirəm. Pəri xanım kənardan baxıb, göz yaşını ab-leysan kimi tökürdü. Abbas sözü qurtaran kimi Pəri on iki hörük pərişan saçından bir tel ayırıb, sinəsinin arasına basdı, incə barmaqlarını təzənə eləyib, görək nə dedi: Başına döndüyüm gül üzlü cavan, Halal-hümmət eylə, gəl, onnan ayrıl! Bilməz idim belə hicran dərdini, Lütf elə, üzümə gül, onnan ayrıl! Qasid gəldi, qəsdən xəbər gətirdi, Əlif olan qəddim dala yetirdi, Axdı çeşmim yaşı, üzüm götürdü, Eynim adaların bil, onnan ayrıl! Eşqin ataşıdı sinəmdə dəftər, Gecə-gündüz sənsən dilimdə əzbər, Sən ol bu Pəriyə buta verənlər, Qolunu boynuma sal, onnan ayrıl! Gülgəz Pəri sözünü qurtarıb, özünü Abbasın üstünə atdı. Onun boynuna sarılıb dedi: – Mən bunnan ayrılmayacağam. Məni də bununla öldürün! Abbas bir özünə baxdı, bir boynuna sarılmış Pəriyə baxdı, bir də dönüb dar ağacına, cəllada baxdı, ürəyi qubar elədi. Təklik, kimsəsizlik ona əsər elədi. Eli, yurdu, adamları yadına düşdü. Məhəmməd bəy onun gözünün qabağına gəldi. Sazı sinəsinə basıb dedi: Başına döndüyüm, qurban olduğum, Hara getdi baxtı qara, gəlmədi? Bülbül uydu, soldu gülün yarpağı, Qismət oldu qönçə xara, gəlmədi. Şah hökmüylə xan üstünə xan getdi, Ağla didəm, yaş yerinə qan getdi, Qol boşaldı, dil dolaşdı, can getdi, Axır apardılar dara, gəlmədi. Abbas deyər: bu ad yaman ad oldu, Cismim ataş, qoynum dolu od oldu. Mən dost dedim, dostlar mənnən yad oldu, Indi uzaq düşdü ara, gəlmədi. Indi bunlar burada qalsın, sənə kimdən deyim, Şah Abbasdan. Şah Abbas vəzir-vəkili çağırıb dedi: – Abbas haqq aşığıdı, onun sevgilisini əlinnən alsaq bəlaya düşərik. Bütün sınaqlardan çıxdı. Onu öldürməyib, Pərini özünə verirəm, nə deyirsiniz? Dedilər: – Şah sağ olsun, hamımız razıyıq. Aşığı incitmək olmaz. Şah əmr elədi, Abbası gətirdilər. Şah Abbas ona dedi: – Aşıq, sevgilini özünə verirəm. Ya bizim ölkədə qal, ya da öz ölkənə get. Aşıq Abbas dedi: – Şah, mərhəmətin artıq olsun, Pərini mənə buta verən həmişə köməyimizdədi. Izn ver, biz gedək. Şah əmr elədi, Gülgəz Pərini çağırdılar. Gülgəz Pəri Abbasa tərəf gələndə Abbas elə bildi məclisə yeni gün doğdu. Özü də bu elə gündü ki, əsl günü batil eləyir. Abbas quş kimi pərvazlandı, aldı sazı sinəsinə, görək nə dedi: Könül, Məcnun kimi yayın dağlara, Əyil bu lalənin budağınnan öp! Pərvanə tək dolan yarın başına, Arala tellərin, qabağınnan öp! Almaq olmaz nanəcibin qızını, Çəkmək olmaz bədəsilin nazını, O üzünü, bu üzünü, gözünü, Dilindən, dişindən, dodağınnan öp! Kitabda oxunan sina yaxşıdı, Seyrağıb gərdəni sına yaxşıdı, Mən dedim: öpməyə sinə yaxşıdı, Könül ha yalvarır buxağınnan öp! Bağçalar titrəşir bardan ötəri, Almadan, heyvadan, nardan ötəri, Abbas, ağlayardın yardan ötəri, Dur Şahi-mərdanın ayağınnan öp! Şah Abbas əmr elədi, kəcavələrə qoşuldu, adamlar atlandı. Pəri xanım kəcavəyə tərəf gəldi. Abbas əhd eləmişdi ki, Gülgəz Pəriyə çatıb onu kəcavəyə mindirəndə onun üzəngisini özü basıb ata mindirsin. Odu ki, Pərini kəcavəyə tərəf gedən görüb, sazı basdı döşünə, dedi: Qurban olum sinəndəki turunca, Yetir sən dəstimi damana, Gülgəz! Ay tək şölə salıb ayna qabağın, Əbruların bənzər kamana, Gülgəz! Dedim: xanım, sallan gedək bu bağa! Gör necə sarmaşıb budaq-budağa, Üz sürtüm üzünə, dodaq-dodağa, Könül bu qəflətdən oyana, Gülgəz! Basım rikabını, Gülgəzim, atdan! Sən məni qurtardın alovdan, oddan. Oyatdın Abbası xabi-qəflətdən, Tovuz kimi silkin bu yana, Gülgəz! Abbas sözünü qurtarıb Gülgəz Pərinin rikabını basıb, ata mindirdi. Elə bu zaman Məhəmməd bəy də gəlib çıxdı. Öpüşüb görüşənnən sonra yola düşüb, Təbriz şəhərinə gəldilər. Məhəmməd bəy əmr elədi ki, şəhəri çil-çırağban elədilər. Abbasla Gülgəz Pəriyə qırx gün, qırx gecə toy eləyib, şadyanalıq keçirdilər. Abbas Məhəmməd bəyə dedi: – Sən öz bacının toyunu elədin. Ancaq mənim də anam var; bacım var, izn ver, mən də gedib Tifarqanda özümə toy eləyim. Məhəmməd bəy əmr elədi, bir dəstə at hazır oldu. Hamı atlandı. Gülgəz Pəri ilə Aşıq Abbası Tifarqana gətirdilər. Abbas anası, bacısı ilə görüşdü. Burada təzədən bunlara qırx gün, qırx gecə toy elədilər. Ustad bir aşıq toyun axırında bu duvaqqapmanı oxudu: Göz gördü, könül sevdi, Sən tuti-zəbanı şirin. Gəzərlər, yoxdur tayın, Hələb, Isfahanı, şirin! Görmüşəm çox mahalı, Barabarın hanı, şirin? Bülbüləm gül eşqindən Çəkirəm fəğanı, şirin! Ahu fəğansan, Qəmzəsi qansan, Tazə cavansan; Qaşı kamansan; Kamandır qaşın, Incidir dişin, Yumrudur döşün, Xoşdur baxışın. Xudam sənə bəxş eyləib Bu dürlü nişanı şirin! Gözəlliyin nişanıdır, Mayıl oldum məh-camala. Huri misal, mələk mənzər, Mən valehəm xətti-xala. Gözlərin qan piyaləsi, Ənnabi ləblər piyala Yasəmən tellərini Aşırıbsan qəddi dala. Siyah tellisən, Tuti dillisən, Incə bellisən, Ləbi ballısan, Ləbləri gövhər, Sərvi-sənubər, Xalları ülkər, Ay təzə nöbər, Vergilən muradımı, Tez tapın inamı, şirin! Hər tərəfdə gileylidir Sonalar siyah telindən. Tutilər avaz alır O şirin imran dilindən. Ənkəbut tək şan asılıb Sənin o incə dilindən. Yoldaşından gileyliyəm, Bir də ki, sənin əlindən. Yoldaşı ilqarlı gəlin. Ağ sinni qarlı gəlin, Yenə ucu düymələnib, Əttar sədri parlı gəlin. Bir busə lütf eylə mənə, Ay taza nübarlı gəlin! Ağ üzündən maç, Telin bir qulac Üz rübəndin aç, Vəsf etsin şair Vəli Bu şövkəti, şanı şirin! Məhəmməd bəy toydan sonra bir neçə gün qalıb, dəstəsi ilə geri qayıtdı. Aşıq Abbas Gülgəz Pəri ilə ölüncə Tifarqanda keflə, damaqla yaşayıb dövran keçirdilər. Siz də keflə, damaqla yaşayıb dövran keçirəsiniz, məddi-muradınıza çatasınız. * * * Kitabxana.az · https://kitabxana.az/authors/tufarqanli İctimai mülkiyyət. Public domain. Original text only.