Nəcəf bəy Vəzirov. Əsərləri Nəcəf bəy Vəzirov (1854–1926) == Pyeslər == Ev tərbiyəsinin bir şəkli Əfradi-əhli-məclis Bayraməli bəy – altmış iki yaşında, ağsaqqal, Avropa libasında Şahmar bəy – onun qardaşı, əlli beş yaşında, saqqalı hənalı, ibarətlə danışan, çərkəs libasında Səfdərqulu – iyirmi altı yaşında, Avropa libasında, başında papaq – Bayraməli bəyin oğlanları. Rəsul – on altı yaşında, məktəbxana libasında – Bayraməli bəyin oğlanları. Əsgər – Bayraməli bəyin nökəri, on səkkiz yaşında, köhnə libasda Əhvalat vaqe olur sübh vaxtı, Bayraməli bəyin otağında, Səfdərqulu oturub bikef, kürsü üstə, Rəsul taxt üstə uzanıb. Otağın ortasında miz və onun üstə bir neçə piyalə və çaydan. Əsgər ayaq üstə, küncdə. Səfdərqulu. Ah... bu da bir gün deyil biz çəkirik... Allah kəssin belə diriliyi, belə günü!.. Vallahi mən heç bu evə girmək istəmirəm, elə zəhləm gedib... Evə gələndə elə bil ki, məni cəhənnəmə aparırlar... Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə... Görürsən danışmağa bir söz tapmayanda başlayır: “Rəsul oxumur. Sənin boyunu yerə soxum, hərgah sən oxusaydın, Rəsul da sənə baxıb oxuyardı”. Guya ki, mən Rəsulun qabağında dururam, deyirəm oxuma... Ah! Kişi məni elə darıxdırıb ki, vallah istəyirəm elə özümü boğam öldürəm... Rəsulda da insaf yoxdur... Əsgər. Yəni kişi yalan deyir? Vallah yox... Budur bax, düz gözünün içinə deyirəm: oxumur, gedir gəzir, gəzir, gəlir deyir ki, dərsə getmişdim. O da belə gedir soruşur bilir ki, getməyib... Gəlir evə, biz biçarənin başına kül ələyir. Barı bu zəhmətə görə, əziyyətə görə, doyunca adama çörək verə, yenə dərd yarıdır; onu da vermir... Səfdərqulu. Rəsul da nə oxuyan kimi oxuyur, nə oxumayan kimi oxumur, mən də gündə beş yol evdən qovuluram... Mən hara gedim, qardaş? Getdim, necə dolanım, əlimdən nə iş gəlir? Acından ölənəm ki, ölənəm. Rəsul, bax, canım sənə qurban, axır mən sənin qardaşınam, mənə yazığın gəlsin, oxu. Atamızın iki yüz min manatdan artıq varı var... Qardaşı Şahmar bəyi tanımırsanmı ki, əlimizdən alar? Oxu!.. Əsgər. Rəsul, sən Allah dur ayağa, heç olmasa kitabı al əlinə, barı görsün ki, guya dərsini öyrənirsən; bəlkə bu dəfə, bu sabah ertə baş-beynimiz getməsin, Allah xatiri üçün... Rəsul. Əsgər, elə bircə sən qalmışdın, gərək sən də mənə öyrədəydin... Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirib. Səfdərqulu. Qorxur, nə eləsin, ay başına dönüm!.. Yalandan da olsa kitabı al əlinə, bəlkə Allah rəhm eləyə, bu gün salamat ötüşək. Bax, Əsgər, sən şahidi ol ki, mən Rəsula deyirəm ki, qardaş oxu, sonra kişi deməsin ki, sən qoymursan Rəsulu oxumağa... Əsgər. Rəsul oxumur, atanız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çortkəyə. Rəsulun müəlliminə bir belə vermişəm, bir elə vermişəm; bizi də acından qırır. Bircə deyin görüm, mən yetimin taxsırı nədir?! Rəsul. Dəxi bəsdir... Vallah, billah, tallah, mən bir gün ya özümü zəhərləyib öldürəcəyəm, ya ki gedib özümü Araza atacağam. Vəssalam. Kişi məni bu məqama gətirib. Səfdərqulu. Pəh, pəh, pəh! Bu da bir söz oldu. “Gedib özümü suya atacağam”, “zəhər içəcəyəm”. Bəli, qabağına duran olacaq? Kişi elə Allahdan onu istəmirmi? Rəsul. Belə gün, bel əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır. Əsgər. Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır... Qatıq-çörək, qatıq-çörək, tut qurusu-çörək, bir az kefi kök olanda bozbaş... Bir deyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir... Səfdərqulu. Yalan danışma, axmaq oğlu axmaq! Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var... İndi elə bu saat vermir? Rəsulda insaf yoxdur. Rəsul. Mən oxuram özüm billəm, oxumuram özüm billəm... Heç kimə borc deyil... Əgər sən özün belə qoçaqsan, bəs niyə oxumadın? Səfdərqulu bəy. Atam məni tutubdur ki, gərək bir-iki ilə tamam eləyəsən. Mən də bacarmıram. Nə eləyim, qabiliyyət yoxdur, Allah verməyib. Özümü öldürüm? Baş üstə, öldürrəm. Səfdərqulu. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, yazıq olmuşam, fəqir olmuşam. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. Ona görə də mən sənə yalvarıram. Sən oxusan, məndən əl çəkər, bir parça çörək mən də yeyərəm. Rəsul. Tələsmə, Səfdərqulu, az qalıbdır: ya mən özümü öldürəcəyəm, ya ki onu... Mən dəxi dözə bilmərəm. Əsgər (qapıya tərəf gedib). Aman günüdür, başınıza dönüm, yavaş danışın, yavaş danışın... Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir! Rəsul, kitabı al əlinə, başına dönüm, tez-tez, qurbanın olum. Rəsul. Cəhənnəmə gəlsin, gora gəlsin! Ölsə də kitabı əlimə almayacağam. Əsgər. (balaca sövtlə) – Mirzə Taraqqa budur ha gəlir, Əldə falaqqa budur ha gəlir, Döyməyə sizi, ya incitməyə Hıqqana-hıqqana budur ha gəlir. Qaçır Səfdərqulu (tez-tez). Rəsul, aman günüdür, dur, başına dönüm, dur kitabı al əlinə, dur, canım qurban, dur! Rəsul, mənə yazığın gəlsin!.. Bayraməli bəy (daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır). Əsgər, Əsgər! (Çağırır.) Əsgər (tez daxil olub). Bəli, ağa! (Kənara) Necə murdardır, başınıza dönüm! Bayraməli bəy (rişxəndlə). Samavar kimdən ötrü qoyulub, Əsgər bəy? Neçə qonağımız var, Allah qoysa? Axır sənin dədən də həmişə bilirəm kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən, Əsgər bəy! Bu samavarı gözün görür, ya yox? Cavab ver, məlun oğlu məlun! Görürsən, ya yox? Əsgər. Niyə görmürəm, kor ha deyiləm. Bayraməli bəy. Xeyr, görmürsən! Və mən bu saat sənə sübut elərəm ki, görmürsən, özün də bizim bu Səfdərqulu bəy kimi korsan və bu Rəsul bəy kimi tənbəlsən. Əsgər (kənara). Allahın verən günü elə belə sübut eləyir. (Bayraməli bəyə) Ağa, sən ki, deyirsən mən samavarı görmürəm, neynək, mən də deyirəm ki, görmürəm. Sonra nə buyurursuz? Bayraməli bəy. Sonra, Əsgər bəy, canına dərd buyururam, vərəm buyururam! Heyvan oğlu heyvan, məgər bu samavarı bir yol təmizləyəndə nə olar, canın çıxar? Əsgər (kənara). Yenə iş axtarır, başınıza dönüm! (Bayraməli bəyə) Bu samavar alınan gündən indiyə kimi heç ona əl dəyməyib, elə belədir belə; mən başıma nə kül töküm?! Bayraməli bəy. Yaxşı cavab verdin, sən hələ dur. (Oğlanlarına) Siz mənə deyin görüm, mən kiməm? Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan, elə də kor öküz kimi yat, sonra danışarıq. (Səfdərquluya) Sualıma cavab! Hm, yadından çıxdı, hafizə qalmayıbdır. Üzünə bax, sifətinə bax! (Güclü) Bığına bax, bığına!.. Rüstəmi-Zaldır zalım oğlu zalım! Səfdərqulu. Vallah başa düşə bilmirəm, məndən nə istəyirsiz?! Bayraməli bəy. Əlbəttə, başa düşə bilməzsən. Başda ağıl varmı ki, başa düşəsən? “Başa düşə bilmirəm”. Xa, xa, xa... Təzə xəbərdir... Səfdərqulu. Ağlım yoxdur, ağlı hardan tapım, buyur görək. Bayraməli bəy. Allah hamıya ağıl verir, sənə də vermişdi. Amma sən ağlını puç elədin, gözünün içinə baxanda mən aşkar görürəm ki, sən ağlını puç eləmisən. Səfdərqulu. Vallah mən bilmirəm sən məndən nə istəyirsən? Qana bilmirəm, nə qədər fikir eləyirəm qana bilmirəm. (İstəyir getsin.) Bayraməli bəy. Burada dur, hara gedirsən, səndən söz soruşuram, yoxsa istəyirsən yıxım qarnına təpikləyim? Əsgər (kənara). Kaftar yenə canbaza çıxıb... Öl ha!.. Səfdərqulu. Mənim axır taxsırım nədir ki, yıxıb qarnıma döyəsən? Görək neyləmişəm? Mən uşaq deyiləm ki... Bayraməli bəy. Uşaq deyilsən, yəqin. İyirmi beş yaşında, bığlar Rüstəmi-Zalın bığları tək çəkilib qulaqlarının dibinə, başda bir tozcan ağıl yox. Səfdərqulu. Əstəğfürullah. (İstəyir getsin.) Bayraməli bəy. Dayan dur, yoxsa belinin qozun çıxardaram... Səfdərqulu (oturur). Baş üstə. (Kənara) Vallahı qanmıram bu məndən nə istəyir, tfu! Bayraməli bəy (Rəsula). Çolaq öküz, buyur görək: lejaşiy – kakaya çast reçi? (Səktə) Hm, bilmirsən? Vay, vay, kül mənim başıma! Əsgər, lejaşiy – kakaya çast reçi? Əsgər. Mən bilmirəm, ay ağa, başına dönüm. (Kənara) Qudurmuş itə dönüb yenə. Bayraməli bəy. Siz bilmədiz, amma Səfdərqulu ona bülbül kimi cavab verəcək... Hm, Rüstəmi-Zal, buyur görək! Qanmaz uşaqları, mən sizin atanızam, ya yox? Səfdərqulu. Atamızsan! Bayraməli bəy. Mən bu saat sizə sübut edərəm ki, mən sizin atanız deyiləm, ya ki, siz məni ata hesab eləmirsiz. Əsgər (kənara). Yenə sübutun başı açıldı. Allah, sən saxla! Şahmar bəy (daxil olur). Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram... Nə bais olub sizin bu qədər qəzəbnak olmağınıza? Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz. Bayraməli bəy. Mənim günüm itin günü! Otur, qardaş, dərdimi sənə deyim... Gör heç dünyada belə müsibət olarmı ki, mənim başıma gəlir?! Oğlanlarıma baxanda bilərsən ki, mən dünyada nə əziyyət çəkirəm; bu iki fərzəndlərdən bir kor qız çox yaxşıdı... Yüz-yüz verirəm və vermişəm, heç birisindən bir şey çıxmadı. Şahmar bəy. Dadaş, bir az səbr buyurun, mən bu cavanlardan bir-iki sual edim, görüm bunlar nə mərtəbədə ağıl-şüur sahibləridirlər... Mənim əzizlərim, mən sizdən səbri-tamam ilə göftgu edəcəyəm. Gərək mənim suallarıma diqqəti-lazimə ilən müvafiqi-qaidə cavabdeh olasız. Əsgər (kənara). Mən itəm əgər bu danışıqdan bir şey başa düşdümsə... Bu yazıqlar neyləsinlər. Şahmar bəy. Bilmək istəyirəm nə tərbiyət və şüur sahibləridirlər, bizim cənablar? Bayraməli bəy. Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, birisi kor öküz təki yıxılıb taxtın üstündə, biri də əyləşib xanzadə kimi... Heç biri yerindən tərpənmək istəmirlər, lazım bilmirlər ayağa durub ehtiram eləsinlər. O ki qaldı oxumağa, bu barədə əvəzləri yoxdur... Şahmar bəy. Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən? Səfdərqulu. Atam bir dəqiqə bir yerdə durmur, hər saatda yüz dəfə çölə çıxır, içəri girir, mən həmişə gərək ayağa durub baş vuram? Bayraməli bəy. Yoxsa qorxursan başın boş olmağına görə düşüb itə, ona görə baş vurmağa cürət eləmirsən? Heyif deyil ki, baş yenə?: Murdar oğlu murdar! Cavabına bax, cavabına: “Mən həmişə gərək ayağa duram?” (Yamsılayır.) Duranda canın çıxar, murdar olarsan? Bığına bax, bığına! Boyuna bax, boyuna! Əsgər (kənara). Zalım oğlu yenə ölçür. Şahmar bəy. Dadaş, indi bildim ki, sizin zəminü asiman səbri-vüz varmış. And olsun xudayə, bir türfətül-eyndə dərilərin boğazlarından tülkü dərisi kimi soyardım hərgah mənim uşaqlarımdan birisi mənə belə cavab versəydi! Bayraməli bəy. Durun ayağa, hər ikiniz sürünün mənim evimdən, gözüm sizi görməsin! Rədd olun başımdan, gedin nə tövr dolanmaq istəyirsiniz dolanın! Vəssəlam... Hm, nəyə tərpənmirsiniz? Yoxsa istəyirsiz boynunuza bir beş-on da yapışdırım?! Şahmar bəy. Dadaş, sənə fəda olum, bir qədər səbr buyurun. Səfdərqulu, hələ demək, bu sənin atandır, çox yaxşı, bu evə girəndə ayağa durmağı lazım bilmirsən, çünki o bir dəqiqə necə ki özün deyirsən, bir yerdə durmur. Mən sənin ağsaqqal əminəm, görək mən gələndə ayağa niyə durmadın? Buyur görək. Əsgər (kənara). Ay özün öləsən! Mən də dedim görəsən nə deyəcək. Səfdərqulu. Durmadım-durmadım. Görək məni öldürməkmi gərək? Baş üstə, bundan sonra durram. Şahmar bəy. “Baş üstə, bundan sonra durram”. Bu bir cavab olmadı... Bəs indiyə kimi öz borcunu niyə mülahizə eləməmisən? Yox, əzizim, yaxşı danış, mənə qandır görüm indiyə kimi niyə durmurdun? Mən ildə bir dəfə bu evə gəlləm, onda da belə hörmət? Eyibdir sizə. Axır sən iyirmi beş yaşında oğlansan. Bayraməli bəy. O qarabağlı bəy oxuyan həcv nə tövr idi? “Deyirlər məsəldir məşhur törəyən itdən...” Xeyr, belə deyil. “Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu”. Şahmar bəy. Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur. Əsgər (kənara). Çox əcəb oldu. Belədir ki, belədir. Bayraməli bəy. Eybi yoxdur... Yaxşı sözlərdir... Əsgər, qoçağım, de görüm, nə tövrdür. Əsgər. Şahmar ağa buyurur ki, bir ucu sizə toxunur. Mən qələt elərəm, deyə bilmərəm. Bayraməli bəy. Eybi yoxdur, de! Əsgər (mərdanə). O qarabağlı belə oxuyurdu: Var özgə vilayətdə də tək-tək köpək oğlu, Hədsizdi bu viranədə, bişək, köpək oğlu. Məşhur məsəldir ki, bitər ot öz kökü üstə, Səgdən törəyən axır olar səg, köpək oğlu. Bayraməli bəy (oğlanlarına). Əgər siz bu beş kəlmə sözü bir ayda öyrənə bilsəz, mən adımı alabaş qoyaram. Sizdə o şüur yoxdur, yox. Əsgər (kənara). Camaat, siz öləsiz, bu beş kəlmə sözü qarabağlı bəy bunun özünə üç ayda öyrədə bilmədi. Şahmar bəy. Mətləbdən uzaq düşdük... Mənim əzizlərim, sualıma cavab! Əsgər (kənara). Füzul oğlu füzul, bəsdir də! Səfdərqulu. Əgər şüur yoxdur, tərbiyə yoxdur, dəxi bizdən nə istəyirsiz? Allah xatirinə, dəxi bəsdir, bizi incitməyin, yazığıq, qoyun bu sabah ertə görək nə var. Şahmar bəy. Səfdərqulu, bildim sən nəkarəsən. Kifayətdir... Rəsul, qardaşım, sən niyə əmin evə girəndə ayağa durmadın, əzizim? Rəsul. Ağlıma gəlmədi, durmadım. Bayraməli bəy. Hələ belə işlər dursun kənara... Dərsə niyə getmirsən, bişüur oğlu bişüur? Mən axır hər bir saata iki manat pul verirəm... Rəsul. Pul vermirsən, o da dərs vermək istəmir, mən də getmirəm. Qurtardı getdi. Bayraməli bəy (kitabça çıxardıb). Mən pul vermirəm? Mən pul vermirəm? Yalan danışma, qotur oğlu qotur!.. Şahmar, bircə otur burada, bir dəqiqə buyur bir-bir deyim, sən sal. (Şahmar bəy çotgəyə salır.) Yanvarda vermişəm əlli manat, sal. Şahmar bəy. Bu əlli manat! Əsgər (kənara). Əvvəl-axır çotgə gələcəkdir ortaya... Öləsən elə, ay milyonçu! Bayraməli bəy. Mart ayında yetmiş səkkiz manat. Şahmar bəy. Yüz iyirmi səkkiz manat. Bayraməli bəy. Mayda yüz on bir manat pul və üç putdan on girvənkə kəm yağ, putu on iki manatdan, bu da elər, bu da elər... Əsgər, neçə elər? Əsgər. İki putu iyirmi dörd, o da doqquz, otuz üç manat elər. Şahmar bəy. Bərəkallah, Əsgər. Bu elər iki yüz yetmiş bir manat... Çox puldur, bunun altından çıxmaq olmaz. Əsgər (kənara). Onda boğazınıza çatı salın! Bayraməli bəy. Bu hesaba baxanda mənim on illiyim geri düşür, ay mürtədin balası. Canıma od düşür, ay qotur oğlu qotur!.. Ölürəm, ay zalım oğlu!.. Əsgər (kənara). Öl ha... öl ha! Şahmar bəy. Dadaş, ondan keçib. İndi nə eləmək gərək barı heç olmasa bunlar bitərbiyət olmasınlar, əmiləri içəri girəndə ayağa dursunlar? Bayraməli bəy (Səfdərqulunu ortalığa çəkib). Sən bundan tərbiyət gözləyirsən? Bir buna bax, sifətinə bax. Bığına bax, bığına... Səfdərqulu. Kişi, Allaha bax, əstəğfürullah! Bayraməli bəy. Əstəğfürullah deyəndə məni döyəcəksən? Çıx çölə, çıx! (İtələyir.) Gör necə murdardır a! Yaxın duranda it iyi verir, sürün! Səfdərqulu (gedə-gedə). Qorxma, o iy məndən gəlmir... Şahmar bəy. Tfu! Belə övlad olarmı? Allah qırsın sizi... Mən belə hərəkətlərə dözə bilmərəm. (Gedir.) Rəsul getmək istəyir. Bayraməli bəy (kağızı cibindən çıxardıb). Dayan oxu. Oxu, qotur oğlu qotur! Oxu! Əlli manat pul istəyir. Beş yol dərsə getməmisən, məlun oğlu məlun! Özü yazır ki, getməmisən... O mənə borc deyil deyir... Belə iş olar? Rəsul. Oxumuram, oxumuram, oxumuram... Məndən nə istəyirsən, öldürəcəksən? Qabiliyyət yoxdur. Oxumuram. Bayraməli bəy. Dərzi Arakelin oğlu bugün-sabah həkim gəlir, ay şüursuz oğlu şüursuz! Karapetin oğlu injenerdir, niyə ölmürsən? Niyə çatlamırsan, ay binamus oğlu binamus? Mən axır od tutub yanıram! Rəsul. Belə tək sənin acığına oxumayacağam, ölsən də oxumayacağam! Əsgər (kənara). İş yoğunladı, mən qaçım. (Qaçır.) Bayraməli bəy (Rəsulun qulağından tutur). Oxumayacaqsan? Oxumayacaqsan? (Qulağın bərk dartıb) Yaxşıdırmı, yaxşıdırmı? Rəsul. Əl çək, əl çək, əl çək deyirəm sənə... Əstəğfürullah! Bayraməli bəy. Dəxi mənim canımı boğazıma yığdın sən... Yaxşıdırmı?.. İti döyməzlər, ay itin balası!.. Rəsul. Əl çək demirəm sənə?! (Boğazından tutub yıxır taxtın üstə) Bu da yaxşıdırmı? Sən məni təngə gətirdin, bu da yaxşıdırmı?.. Əsgər (daxil olub). Odu aayy! Heylə, başına dönüm, heylə!.. Pərdə * * * Vay şələküm məələküm (Məhzəkə, 1 məclisdə) Əfradi-əhli-məclis Xanmirzə bəy – dövlətli cavan oğlan Almas – onun yoldaşları Balaqardaş – onun yoldaşları Karapet – yekəburun, xaşalqarın, şərabxanaçı Əliheydər – qoca kişi, Xanmirzə bəyin dayısı Xanəndə Mirzə Səttar Tarzən Poqos Əhvalat vaqe olur şərabxananın dal otağında. Xanmirzə bəy, Balaqardaş və Almas daxil olurlar otağa. Almas. Karapet, vu adə Karapet!(Çağırır.) Balaqardaş. Vu adə Karapet! Ölmüsən bəgəm? Xanmirzə bəy. Dərgah qapısı açıq olanda köpəgin yuxusu gələr, buna deyiblər a. Almas (qapı tərəfə gedib çağırır). Karapet, Karapet! Karapet. Seças. Almas. Sənin “seças”ına qurban olum, de gəl də! Verün də! Karapet (daxil olur). Mənim ağalarım, siz buraya xoş gəlibsiniz, səfa gətirmisiniz. Mənim bu mənzilim sizə qurbandı. Almas. Artıq danışmaq yeri deyil, Karapet (əlilə vurur qarnına.) Belə sənin dümbəginə qurban olum, acından qarnımız cur-cur eləyir. Tərpən görək, yeməgə-içməgə nəyin var? Karapet. Sizin canınız üçün bir elə basdırmam var ki, ölü yesə dirilər. Şərablarım var ki, heç Yer üzündə tapılmaz. Xanmirzə bəy. Kababdan irəli bir az çörək-pəndir, yanının həməsalahilə gətir, qoçaq. Balaqardaş. Dayanma, Karapet, canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəgimin ortası zoqquldayır. Karapet. Bu dəqiqə hamısı hazır olar. Xanmirzə bəy ki, buraya təşrif gətirib, görün bu gecə sizə nələr verəcəgəm, barmaqlarınızı yalayasınız... Almas. Ta uzun eləmə, canım, axır sənə qabaqcadan dedim ki, acından qarnımız cur-cur eləyir. Di get də (dalından itələyir), get, qoçum Karapet, get! Karapet. Gedirəm. (Gedir.) Qonaqlar hamısı səndəllərin üstünə yıxılmış. Balaqardaş. Xanmirzə bəy, sən öləsən, bir həftə bundan irəli, haman bu otaqda, birisi də yanımda, ölümünə vurmuşam! Nə qədər vurmuşam ta bilmirəm... O yetimin özünə də o qədər içirtdim ki, yazıq lap məst kimi qaldı, tərpənməyə taqəti olmadı. Yalvardıqcan ki, “Qadaşka, pajalska damoy”, demişəm izdoxnet, olmaz. Halətim özgə halətdi, Xanmirzə! Pəh, pəh, pəh. Xanmirzə bəy. Balam, sən həftədə bir yol o halətə düşürsən, amma mən yetim, mən bədbəxt neyləyim ki, həftədə beş yol o halətə düşürəm. Almas. Canım, dünya beş gündür, beşi də qara, axırda ölüm... Əlinə düşdü vur yerisin... Türklər misalıdır: Əbləh odur dünya üçün qəm yeyə, Tarı bilir kim qazana, kim yeyə. Balaqardaş. Xanmirzə bəy, kef çəkəsən İranda. Allah sənə də qismət eləsin, görəsən, zalım uşaqlarının kefi kef deyil, bir əlamətdi; məclis arəstə, saqi hərəkətdə, şərab. Pəh, pəh, pəh. Məhz bir cəvahir, şərabın məğzi piyalədə, ahu balası kimi saqilərin əlində, dəmbədəm mütrüblər ilə süzməkdə. Axşamdan sübhə kimi. Sən ölməyəsən, Almas, heç yerdə o saqini görməmişəm. Almas. Vodə. Vay, vay Karapet, yolunu gözləməkdən gözümün nuru getdi ki! Gəl də! Karapet. Seças, seças! Almas. Gəl, gözüm gəl, nazım gəl! Xanmirzə bəy. Balaqardaş, yaxşı bilirəm, görmüşəm İranın kefi necə olur. Dənizin qırağında tacirbaşı Məşədi Tarverdinin mənzilində olmuşam. Karapet (daxil olur, əlində padnos). Balaqardaş, zəhmət olmasa bu ustulu bir az ortaya çək hələ... Yaxşıdır, ömrün uzun olsun... Çox yaxşı. Balaqardaş. Vu adə, Karapet, sənin bir malay nökərin var idi, o necə oldu? Karapet. Heç soruşma, o yanımda olanda işlərim özgə cürə gedirdi. Xanmirzə bəy. Sən məssəbin, bu şərablardan bir az dad. Gör heç ömründə bir belə şey görmüsənmi? Almas (rumkanı götürür). Bu nədi vədə?! Bu heç adamın boğazını da yaşlamaz ki! Yetimdoyuranı gətir, axmaq. Karapet (mizin qutusundan dörd böyük rumka çıxarıb). Bu da sənin yetimdoyuranın, buyur. Almas (rumkaları doldurur). Götürün görək, ya Allah! Xanmirzə bəy, sağ ol. Karapet, hı, götür görək. Balaqardaş. Sağ ol qardaş! Karapet. Xanmirzə bəy, heç bildin bu nə araqdı? Buna hulu arağı deyirlər, belə arağı hər adama mən vermirəm. Din haqqı, bu sənin xatırın üçündür... Xanmirzə bəy. Doğrudan gözəl araqdı. Şorabalar da yaman deyil. (Yeyirlər.) Almas (zakuskadan sonra). Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu (rumkaları doldurur). Qovzuyun görək, ya Allah! Xanmirzə bəy. Hər kim kimi sevər, onun sağlığına... Mən içdim, sağ olun... Balaqardaş. Məstanə xumar gözlü yetimcə balamın sağlığına. (İçirlər.) Almas. Canım qurban, malım qurban, sağlığına! Karapet. Mən də bunu içirəm, Xanmirzə bəy, o yoğunca çopur var ha, onun sağlığına. Xanmirzə bəy. Vu adə. O hansı yoğuncadır? Karapet. O bir yanı da axsaq yoxdurmu, onu deyirəm. Xanmirzə bəy. Ha, ha, ha!.. Ha, ha, ha!.. Vu adə, Karapet, sən nə bic lotusan! Karapet. Ah, yola ki aparır, bəsdir də, artıq nə lazım?.. Almas (rumkaları doldurur). Balaqardaş, Karapet, qovzuyun Xanmirzə bəyin sağlığına. Eksterni... sənin sağlığına. Balaqardaş. Xanmirzə bəy! Eksterni sənin sağlığına. Karapet. Atam Xanmirzə bəy, canım Xanmirzə bəy! Eksterni sənin sağlığuva! Balaqardaş (zakuskadan sonra). Xanmirzə bəy, belə sənin qadon alım, dərdin alım, özün bilirsən də... Ürəgim nazikdi. Bağışla, qurban sənə. Xanmirzə bəy (oxuyur.) Ey dil, bu qədər yar kim, etdi cəfa sana, (dübarə) Hərgiz şikayət eyləmədin, mərhaba sana. Karapet. Açılma sabah, banlama xoruz! Balaqardaş. Arasın kəsmə, zarı, qurban sana, zarı! Öldür bizi, yıx atamın evini, yıx! Xanmirzə bəy. Qoy bir şərab gəlsin, deyəcəgəm. Çox deyəcəgəm. Karapet, gör kabab necə oldu? (Karapet gedir.) Balaqardaş. Doğru söz, qardaş, mən arağı şərabdan artıq sevirəm. Almas. Eləsə, vur gəlsin. (Bir də rumkaları doldurub götürür.) Xanmirzə bəy. Gəlir, Balaqardaş, qovza, ya Allah. (İçirlər.) Oxuyur – Bilməm nə etmisən bu üzü qarə könlümə, Yüz min cəfa görüb, genə eylər vəfa sana. Karapet (o biri otaqdan). Açılma sabah, banlama xoruz! Almas. Vu adə, Xanmirzə bəy, dəxi nə durmusan, bir yol öldür məni, qurtar getsin. Evin yıxılmasın, məndə can qalmadı ki! Canım qurban, malım qurban, vu adə, vallah sənin kimi oğlan yer üzündə tapılmaz. Balaqardaş (Alması tutur). Gərək öpəm, öpməsəm olmaz. (Öpür, oxuya-oxuya.) Xanmirzə bəy. Karapet, kabab! Gəl qoçum, tez ha, tez... Karapet (kababı, şərabı gətirir). Anan ölməsin, Karapet, bu nə kababdır? Bu kabab deyil ki! Bu marmaladdı, nə şakaladdı... Ə, Xanmirzə bəy, bircə tikə götür, heç gör özgə yerdə görmüsən belə kababı?.. (Kababdan yeyirlər.) Hamısı. Pəh, pəh, pəh, pəh! Bərəkallah, Karapet! Afərin, Karapet! Çox sağ ol, Karapet! Xanmirzə bəy (yeyəndən sonra, əlində şərab). Candildən eksterni Karapetin sağlığına, götürünüz. Almas (əlini Karapetin qarnına vurur). Bu dümbəginə qurban olum. Karapet. Yaxşımı, sağ ol, nazım. Sənin sağlığına, vur. Balaqardaş. Öpməsəm olmayacaq (öpur), oxay, can Karapet. Karapet. Allah sizi mənə çox görməsin. İçiniz, başınıza gönüm, nuş olsun (özü də içir). Of, gəl, kepim, gəl! Açılma sabah, banlama xoruz... Xanmirzə bəy. (oxuyur) – Müştaqdır könül səri-kuyin minasına, Ey, yüz min mənim miskin fəda sana. Karapet. Ura, ura... Açılma sabah, banlama xoruz... Almas. Xanmirzə bəy, qadon alım, göndər gəlsinlər (oxuyur) – Fayton gəlir qoşa-qoşa, Biri Saşa, biri Maşa. Xanmirzə bəy. Qoysana getsinlər cəhənnəmlərinə. Karapet, ayağa dur. Bu yaxında Samulun nömrələrində sazəndələr çalıb-oxuyurlar, get olara de ki, Xanmirzə bəy sizi çağırır, bu saat gəlsinlər. Almas. Zanyat-manyat bilmirəm ha, Karapet! Gəlməsələr lap cərimə çəkdirrəm. Görürsən bu nəştəri? (Xəncəri göstərir.) Karapet. Xanmirzə bəyin adı olan yerdə ağızları nədi gəlməsinlər. Bu saat gətirrəm, gələr. (Haləti məstanə olur.) Xanmirzə bəy. Vu adə, Almas, tök görək. Almas (şərabı tökür). Xanmirzə, dur görüm. Balaqardaş, tərpən görüm. Xanmirzə bəy. Dünyada qəribə axmaq adamlar var. Bu gün məni tutub güclən müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs, kasıb mütəəllimlərə pul yığacayıq. Mən kefimdən qalacağam, nə üçün? Kasıb uşaqlara ianə üçün... Ay özün öləsən.. Yeri ha, yeri. Almas. Biclik eləyirlər, bu canım ölsün ki, hamısı pul tələsidi. Balaqardaş. Bu kefin bir dəqiqəsini vermərəm yüz elə teatra. Qoysana getsinlər cəhənnəmə... Eşitdik də, götürün a...a... Bu sözlər bicadır. Xanmirzə bəy. (oxuyur.) – Olsam qulami hinduyi-xalın, deyil əcəb, Sən şahi-hüsn, cümleyi-aləm gəda sana. Almas. Xanmirzə bəy, ay marmalat Xanmirzə bəy, ay şakalad, canım qurban, malım qurban. Balaqardaş. Oğulları oğul, qənd-şəkər noğul, de noğul, vu adə, götür, bircə ağzından öpüm (öpür.), oxay! Xanmirzə bəy. Bu yaxında məni bir yerə çağırmışdılar, sən öləsən, lap o obrazovonlılardan mənə o qədər hörmət elədilər, o qədər hörmət elədilər, özüm də utandım. Gətirtmişdilər yaxşı, cürbəcür zakuskalar, içkilər, yaxşı gözəl xanımlar, hərəsi bir tərəfdən qolların salıblar boynuma, hər bir sözün başında misyo bəy, kakoy tı duşka, kakoy tı krasiva... Almas. Canım, bir kəlmə danış olardan. Zalım uşaqlarının naz-qəmzəsi adamın ağlını aparır. Balaqardaş. Əlalxüsus ki, bir az içəndən sonra gözlərin süzdürürlər. Pəh, pəh, pəh! Məstanə xumar gözlər. Ölürəm, ay ölürəm! Yanıram, ay yanıram, gəl ağrıvı alım! Xanmirzə bəy. Dərdimi artırdın, ver gəlsin görək qəza başımıza nə gətirəcək. İçirlər. Xanmirzə bəy oxuyur. Sən çəkmədin, məhəbbətü mehrü vəfadan əl, Hərçənd yar qıldı dəmadəm cəfa sana. Balaqardaş. Yox, qardaş, belə olmaz, canımı gərək sənə qurban edəm. Bu saat de görüm kimdir sənin düşmənin. Kimi istəyirsən ki Yer üzündən yox olsun, bu saat gedib onu iki parça eləyim? De görüm kimdir düşmən, boğazını qopardım! Almas. Vu adə, dəlisən-nəsən, kim cürət edib, Xanmirzə bəyin yel olub yanından ötə bilər? Hər kimdir, çıxsın meydana. Xanmirzə bəy. Nə qədər varımdır verəcəm kefə, axırda nə olacaq olsun, özümdən suvay da özümə düşmənim yoxdur. (Oxuyur.) Ömrümdə bir gün olmadı aram rahətim, Ol vaxtdan ki, oldu könül mübtəla sana. Balaqardaş. Can... can... can, başına dönüm! Karapet (çöldə). Açılma sabah, banlama xoruz! Almas və Balaqardaş. Ura, ura... bərəkallah, Karapet... Sağ ol, Karapet. (Karapet və xanəndələr daxil olurlar.) Karapet. Sən öləsən, Xanmirzə bəyin adını verən kimi qoçaqlar o saat qalxdılar, heç kim də dinə bilmədi. Mirzə Səttar. Bu nə sözdü, Xanmirzə bəyin adı gələn yerdə biz başımızdan keçməgə hazırıq. Tarzən Poqos. Hərgah yüz manat da zərərimiz olsaydı, genə Xanmirzə bəyin adı gələndə yerdə bizi zəncirlə də saxlamaq olmazdı. Xanmirzə bəy. Çox sağ olun, əyləşin görək. Karapet, kabab, çaxır gətir! Karapet. Seças, qurban sənə. (Gedir.) Xanmirzə bəy. Almas, yağla boğazların. Almas şərab təklif edir. Mirzə Səttar xahiş etmir, Poqos qəbul edir. Poqos (əlində şərab). Xanmirzə bəy, Allah səni və yoldaşlarını həmişə belə kefdə eləsin, sizin sağlığınıza. (İçir. Xanəndələr segah çalırlar.) Xanmirzə bəy, Almas, Balaqardaş (dalbadal). Ay sağ ol, dəstxoş, bərəkallah, afərin! Xanmirzə bəy. Dayan, birin də mən oxuyum. (Oxuyur) – Gər əndəlib səcdeyi-ruyin qılar müdam, Az qaldı eşqdən deyim, ey büt, xuda sana. Poqos. Maşallah, pəh, pəh, pəh, pəh, pəh, pəh... Xanəndə Mirzə Səttar. Xanmirzə bəydən sonra dəxi mən qələt elərəm ağzımı açmaram. Pəh, pəh! O guşələri gördün Poqos? Pəh, pəh, pəh! Afərin, Xanmirzə bəy, afərin! Xanmirzə bəy. Şikəstə, Mirzə Səttar, şikəstə. (Şikəstə çalınıb-oxunur.) Balaqardaş. Vu adə, canım çıxdı ki... Zarı qurban sana, zarı... Karapet, çaxır, kabab gətir. Mirzə Səttar bir-iki şikəstə oxuyandan sonra şələküm-məəlləküm çalır. Balaqardaş qalxır oynamağa, Xanmirzə bəy də, Almas da birdən yıxıla-yıxıla dururlar oynamağa. Xanmirzə bəy. Karapet, sən də gəl! Tez!.. Dördü də bir yerdə oynayırlar. Əliheydər daxil olur. Piyanlar Əliheydərin gəlməyini bilmirlər. Bir azdan sonra Əliheydər işarə edir xanəndələrə, sakit olurlar. Oynayanlar hərəsi bir tərəfə yıxılırlar, Karapet çıxır. Əliheydər. Əstəğfürullah rəbbi və ətubi ileyh! Pərvərdigara, bu nə işdir! Bu nə müsibətdir! Belə də bihəya, bidin işlər olarmı?! Xudaya, müsəlman balaları bu surətdə?! Kaş kor olaydım, kar olaydım, bu haləti gəlib görməyeydim... Xanmirzə, sübhdən səni axtarıb, indi səni nə halətdə tapıram? Sənin atan tamam ömründə bir dəqiqə namazını keçirməyib, oxuduğu Quran olub, gecə-gündüz əlləşib, dövlət qoyub gedib ondanmı ötrü ki, sən Allah yolundan, peyğəmbər əmrindən çıxıb, şeytana qulluq edəsən?! Xanmirzə bəy (istəyir qalxsın, bacarmır). Ö... öz malımdı... get... ki, yox...sa, Ağa Əliheydər indi... Əliheydər. Varmı Yer üzündə bir heyvan, hansı ki, bu halda sizdən murdar, bədbuy, bədru olsun? Peyin içində ağnayan donquz kimi murdar olubsunuz. Allahın qotur iti sizdən min kərrə təmizdir. Bacım oğluna baxınız... Tfu, tfu. Poqos. Ağa Əliheydər, nahaq yerə özünüzü bihörmət edərsiniz, qoyun qalsın sabaha. Əliheydər. Beş yetimin güzəranını görün hansı yolda puç edir bu məlun... Xəsərəddünya, tfu, sənin gözünün içinə! Mirzə Səttar. Ağa Əliheydər, məsləhət deyil, buyurunuz gedək. Əliheydər. Yoldaşlarına baxınız, atalarından bixəbər juliklər! Vallahi əlimi murdarlamaq istəmirəm, yoxsa başınıza ip salıb, it ölüsü kimi sizi buradan sürüyərəm. Almas (başını qalxızıb, dura bilmir). İxtiyarı yoxdur. Mirzə Səttar. Nahaq yerə özünüzü incitməyin, belə müsibətə düçar olan çoxdur. Ay rəhmətlik oğlu, kimdir içməyən?! Hamballar da, dəlləklər də içirlər, suçular da, daşçılar da. Şəhərdə yüzdən bəlkə otuzu içmir. Bilirəm ürəgin yanır, amma genə nə etməli? Qalsın sabaha. Əliheydər. Müsəlmanlığı bu hala salan, sənin görüm evin bərbad olsun, hər iki dünyada üzün qara olsun! Vay, şəriət əldən gedib; bizi zülmətə qərq edən şəriət. Bağrım çatlayır, nəfəsim darıxır. Səbəb, səni görüm olmayan bəlaya düçar olasan! Poqos və Mirzə Səttar. Doğru buyurursan, ancaq nə etməli? Buyurunuz gedək, (Gedirlər.) Karapet (daxil olub yatanlara baxır). Zalım uşaqları içəndə əti kəsilmiş kimi içirlər. Bunları bu hala salan o şələküm-məəlləküm oldu. Qarınları çaxır kimi çalxalandı, çaxır vurdu başlarına. (Ayağı ilə vurur.) Almas! Kişi getdi, dur gedək. (İstəyir qalxızsın, dura bilmir.) Ölüb aa! Balaqardaş! Balaqardaş! (Həmin qərar ilə) Uçub! Guruldayıb. Xanmirzə bəy, dayın getdi. Qalx görək, nə var. Cənab bəy də təşrif aparıb. Yox, bu yaxşı olmadı, iş çətinə düşdü. İndi mən necə eləyim? Gecə keçib. Bunları da burada tərpətməgə doqquz həmşəri gərək. (Bağırır.) Almas! Almas! Dur görək də!.. Almas. Yatıra... am... de... də... öl... dü... rü... m. Karapet. Ay özün öləsən, öldürdün ha! Balaqardaş! Balaqardaş! Xanmirzə bəy, Xanmirzə bəy... Xanmirzə bəy. Hm.., hm.., hm.., hm... Karapet. Çor, zəhrimar, hm... Əlac yoxdur, gərək yatıb qalsınlar burada. Canım, yatınız, gecəniz xeyrə qalsın. Sabah Allah qoysa, bir də verim cəmdəginizə. Hesabın da birdən çəkərəm. Yox, belə deyil... Gecə durub dükanı yarıb gedərlər. Yaxşısı budur ki, sürüyüm bunları çulana, ağzını bağlayım, sabahı açaram. (Sürüyür çulana, ağzına qıfıl vurur.) Bu kababları da, şərabları da aparım çopurum yesin, içsin bunların sağlığına, sonra da girsin mənim qoynuma. (Götürür aparır.) Pərdə * * * == Daldan atılan daş topuğa dəyər == Daldan atılan daş topuğa dəyər (Komediya) Əhli-məclis Əbdürrəhman bəy – əlli iki yaşında, çinovnik, qulluqdan çıxmış. Xırda xanım – onun övrəti Səkinə xanım – onların qızı, on səkkiz yaşında Əbdürrəhim – nökər Pəri – qarabaş Nurcahan – aralıq övrəti Heydərəli – dərviş, iranlı İskəndər bəy – cavan həkim Dəli Şirin * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə. Xırda xanım. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!.. Əbdürrəhman bəy. Arvad, yaxşı başlamısan, durma heyfdir! Xırda xanım. Səbəbin Allah evin yıxsın, tünbətün olsun, dərin yatsın, evi başına uçsun, dərbədər olsun məni bu evə düçar eləyəni!.. O günlərə daş düşəydi, zəlzələ oleydi, tarmar oleydi... Əbdürrəhman bəy. Afərin, sabah ertə yaxşı başlamısan mavərənnəhri. Xırda xanım. Mən ki sənnən danışmıram. Barı qoymazsan, heç olmazsa dərdimi öz-özümə deyim, a biinsaf? İnsaf da buracan?! Əbdürrəhman bəy. Çünki mənnən danışmırsan, qoy bir stəkan çay içim, baş üstə, mürəxxəs olum qulluğundan, ondan sonra allahvara əllərinin ikisini də qoy qulaqlarının dibinə gəraylı çağır. Xırda xanım. Tələsmə, gedərsən, varax durur, sən durursan; çaxır durur, qumar durur, sən durursan, qaçmazlar. Elə bu dərddi məni öldürən, ay biçarə. Elə bu dərddi məni bu günə salan, ay Biçarə. Arın yox, namusun yox. Əbdürrəhman bəy. Sən atayın goru, qoy oturax. Bəsdi, abrın olsun, həyan olsun! Xırda xanım. Mən bilmirəm sən məndən nə istəyirsən ey! Qoymazsan bir saat dərdimə, fikrimə qalam?! Əbdürrəhman bəy. Əstəğfürullah rəbbi və ətubəileyhə! Arvad, mən səni incidirəm? Mən səni söylədirəm? Mən sənin ovqatını təlx eləyirəm, yoxsa sən mənim? Xırda xanım. Sənin öz-özündən xəbərin yoxdu, a biçarə... Əgər dərdini bilsən, bu dildə, bu damağda qalmazdın. Əbdürrəhman bəy. Tfu, axı nə deyim... A gədə, Əbdürrəhim, Əbdürrəhim, sən atayın goru tez bir çubuq gətir ver durum itilim burdan... Arvad genə dınqır-dınqır eləyir. Xırda xanım. Bilirəm, gedəcəksən. Bilirəm, tələsirsən. Bəli, varax qaldı axı, neyləyəsən?.. Daş düşübdü mənim başıma, sənə nə var... Mən də fəxr eləyirəm ki, Əbdürrəhman bəy kimi sahibim var... Bəli, şükür Allaha. Əbdürrəhman bəy. Əbdürrəhim, Əbdürrəhim, a gədə, sənə demirəm çubuq gətir? Arvad, sən atayın goru ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm. Xırda xanım. Sənin kimi kişini çay aşağı axıdım, çay yuxarı axtarım. Şükür Allah, sənə! Mənə bax, sahibimə bax! Əbdürrəhman bəy. Arvad, sən atayın goru bir mənə de görüm başına at təpib, ya ki soyux dəyib? Axır məndən nə istəyirsən? Xırda xanım. Sən nə kişisən ki, mən səndən nə istəyim... Bilməzsən nə var nə yox, bilməzsən arvadın dərdi nədi, uşağın dərdi nədi. Gündüz axşama kimi başın qarışıb gədə-güdəyə, uşaq-muşağa. Gecə qumar, gündüz qumar. Əbdürrəhman bəy. Axı evdə nə dərd var ki, mən onun fikrinə qalam?.. Təvəqqe eləyirəm ki, ağzını göyə tutmayasan! Xırda xanım. Qırqovul başın kola təpər, daldan xəbəri olmaz. Daş başıma salasan. (Əbdürrəhim çubuğu gətirir, gedir). Əbdürrəhman bəy (çubuğu çəkə-çəkə). Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya, orada zu tutasan bundan ötrü ki, bir böyük məşğuliyyət olub. Xırda xanım. Mən onsuz da ağlamalı günə qalmışam. Sənin kimi sahibi olan mən günə qalar. Əbdürrəhman bəy. Axır sənə nə olubdu, balam? Acsan, çılpaqsan, evin yoxdu, taydan-tuşdan geri qalmısan ki, belə canbazlığa çıxmısan? Xırda xanım. Hanı ki... Dərdim elə olar olaydı. Əbdürrəhman bəy. Bəs nədi dərdin, qoçaq? Xırda xanım. Əvvəla elə onu götür ki, bizim bir yetişmiş qızımız var, onu gərək bir təhər eləyək. Əbdürrəhman bəy. Elə bu mətləbdən ötrü bu qarəvəllini gətirirdin? Xırda xanım. Bu dərdi azmı bilirsən? Əbdürrəhman bəy. İndi gəldik Mərəndə... Pərvərdigara, görəsən elə hamı arvad elə beləmi olurlar? Qaçar ala dağdan qara dağa, qara dağdan ala dağa. Yeniş-yoxuş, dərə-təpə, axırdan-axıra nədi-nədi kömür qaradı, qatıq ağdı. Xırda xanım. Sən axırı hədyana düzübsən... Qızın dərdi az dərddi? Onun tayları hamısı gediblər... Püstə xanımın qızı getdi. Nurcahan xanımın qızı getdi. Səfdərqulu bəyin qızı getdi. Əbdürrəhman bəy. Arvad, Allaha bax, tarıya bax, qız deyəndə alma deyil, qarpız deyil tökəsən bazara, haray çəkəsən ay alma alan, ay şaftalı alan. Dəli olmamısan ki, arvad? Xırda xanım. İndi ki mətləbin başı açıldı... Əbdürrəhman bəy. Mətləbin başı açıldı, amma çox zülmlən, ənvayi-müsibət ilən. Xırda xanım. Yaxşı sən atayın goru, qoy sözümü deyim... Bircə mənə de görüm, getmisənmi İskəndər bəyin yanına? O ki invərsət deyirsiz, nə deyirsiz qurtarıb, həkim gəlib, deyirlər ki, bir yaxşı kamallı, göyçək oğlandı. Heç belə zad ağlına gəlibdimi? Əbdürrəhman bəy. İndi başa düşdüm mətləbini, arvad... Elə işləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona nə deyim? Deyim ki, gəl mənim qızımı al? Tutalım ki, dedim, axır alarmı? Elə iş heç bir yerdə görünübdümü? Axı biz müsəlmanıq. Xırda xanım. Mən əvvəl gündən bilmişəm başıma düşən daşı. Mən bilirəm ki, sən elə şüur yiyəsi deyilsən. Get Allahı sevərsən, get qumar oynamağın dalınca. Mən öz işimi düzəldim, onda bilərsən ki, analar necə qızlar doğublar. Əbdürrəhman bəy (gedə-gedə). Allah xeyir versin. Sən nəsən ki, düzəltdiyin iş nə ola? Mən ancaq axırda rüsvayçılıqdan qorxuram. Xırda xanım. Get, dalınca da bir qara daş getsin. Əbdürrəhman bəy (gedir). Tuf... tuf... Xırda xanım (tək). Heç mümkün deyil, nə tövr olsa gərək varımdan, yoxumdan keçib bu işi düzəldim; yoxsa o qızların oxutmuş ləçərlər əgər bilsə, oğlanı çəkəcəklər bəndlərinə... Belə ittifaqı əldən buraxmaqlıq bişüurluqdur... Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu... Əbdürrəhim, Əbdürrəhim! Əbdürrəhim daxil olur. Əbdürrəhim. Nə buyurursan, xanım? Xırda xanım. Bu saat gedərsən Nurcahan arvadı və o dərvişi ki İrandan təzə gəlib, çağırarsan bura. Nə tövr olsa gərək bu dəqiqə burada olalar. Başa düşdünmü? Şəhəri bir-birinə vurub tapıb gətirərsən!.. Əbdürrəhim. Bəli, bu saat, xanım. (Gedir.) Xırda xanım. Tez ha, tez ha... Pəri, Pəri! Pəri daxil olur. Pəri. Nə buyurursan, xanım? Xırda xanım. Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi elərsən! Pəri. Baş üstə. Xeyirdimi, ay xanım, başına dönüm? Xırda xanım. Hələ danışmaq yeri deyil, bircə tez Səkinəni də bura göndər! (Pəri gedir.) Xırda xanım. Ay pərvərdigara, sən özün kömək elə, nəzir elərəm, hər ocaqda bir şam yandırım, beş qoyun kəsim, iki gün ildə ehsan verim. On yetim sevindirrəm. Ya göy çadırın sahibi!.. Səkinə daxil olur. Səkinə xanım. Nə buyurursan, ana? Xırda xanım. Anan sənə qurban, Pəriyə kömək elə evləri təmiz süpürsün... Sonra əl-üzünü təmiz yu, libasını dəyiş, bəlkə bizə naqafil bir qəribə qonaq gəldi. Səkinə xanım. Kələyini duymuşam... Mənciyəz elə işi bacarmaram. Xırda xanım. Kəs, küçük! Sənə nə deyirəm əməl elə. Yeri, qız uşağısan, artıq danışma. Yeri anan sənə qurban, yeri. Allah ananı mətləbinə yetirsin. (Xırda xanım Səkinəni itələyə-itələyə çıxarır.) Xırda xanım (diz üstə üzü qibləyə). Ya göy çadırın sahibi! Ya mıxı mismara döndərən Tanrı! Ya yoxdan bizi xəlq eləyən Tanrı! İmdad günüdür, yet dada! Əvvəlinci məclis tamam olunur, pərdə salınır. * * * İkinci məclis Xırda xanım və yerində əyləşmiş... Əbdürrəhim daxil olur. Xırda xanım. Əbdürrəhim, necə oldular? Əbdürrəhim. Nurcahan arvadı gətirdim, amma dərviş dedi ki, namazımı qılıb, bu saat gəlim. Xırda xanım. Nurcahan gəlir, bəs hanı? Əbdürrəhim (qapını açıb baxır). Budu gəldi... Nurcahan xala, gəl içəri! Xırda xanım. Əbdürrəhim, sən get işinə. (Əbdürrəhim gedir, Nurcahan daxil olur.) Nurcahan. Salam əleyküm, Xırda xanım. Başına dönüm, xeyirdimi? Atam-anam sənə qurban. Xırda xanım. Xeyir olmamış nə var, a başı batmış! Nə verərsən mənə, sənə bir elə zad bağışlayım heç dadı damağından getməsin? Nurcahan. Mən sənin qarabaşınam, itinəm... Ölüm, canım da sənindi, balalarım da sənindi. Başına dönüm, sən desən ki, get özünü qayadan at, ona da hazıram, yesirin olum. Xırda xanım. Nurcahan, düz mətləb üstə gəlmək hamısından yaxşıdır... Özün bilirsən indiyə kimi tamam şəhər bir yana olub, mən bir yana və neçə-neçə müştərilər mənlən qohum olmaq istəyib, mən qəbul etməmişəm; çünki əvvəla, Səkinə hələ uşaqdı, ikinci o müştərilər bizə tay olmayıb, özün də bilirsən. Nurcahan. Bıy, başına dönüm, niyə bilmirəm? Bizim şəhərdə Səkinə xanıma layiq kim var? Xırda xanım. İndi bu saat bizim şəhərdə bir oğlan var. Doğrusu budur ki, mən onu çox şadlıq ilən oğulluğa qəbul elərdim, amma elə adamım yoxdur ki, bu işi düzəltsin. Bu işi heç kəs düzəldə bilməz, səndən savay. Nurcahan. İtin olum, xanım! Siz özünüz yaxşı bilirsiniz ki, Nurcahan elə işləri su içməkdən hasand bilir, belə işlərin anasıdı... Sizə məlumdu bizim şəhərdə nə qədər qız gedir, mənsiz heç keçmir. Bax, xanım, başına dönüm, əvvəl bu Səfdərqulu bəy, sonra Nurcahan xanım, ondan sonra... Xırda xanım. A başı batmış, əgər bu işləri mən bilmirdim, səni niyə çağırırdım. Nurcahan. İndi Xırda xanım, başına dönüm, bircə elə onu mənə de görüm oğlan kimdi. Vəssalam, nağma tamam. Artıq zad mənə lazım deyil. Xırda xanım. Həkim İskəndər bəy. Hansı ki... Nurcahan. Bıy, bıy, elə onu de. Heç gör ağlıma gəldimi? Çox yaxşı, çox əcəb. Kifayət elər, bəsdi. Allah qoysa görərsən o tərlanı nə təhər bəndə salacağam... Onu deyim sənə, Xırda xanım, başına dönüm... Həkim bir yaxşı ev tutub. Bu saat mən bura gələndə ona çox qəribə istul, kürsülər apardılar. Görünür ki, otaqların bəzəmək istəyir. Amma özün də görmüşəm. O sifətdə, o şücaətdə oğlan tapılmaz. Amma, Xırda xanım, sən də qoçaqmışsan. Halal olsun sənə anandan əmdiyin süd! Pəh, pəh, pəh! Xırda xanım. Ancaq bu işi yadda saxlamaq gərək... Özün bilirsən şəhrimizdə bu saat yetişmiş qız çoxdur, o cümlədən o arvadın qızları... Adı nədi? Özləri oxuyub elm tamam eləyiblər... Əgər bizim qorxumuz olsa, o ləçərdən olacaq. Nurcahan. Ağrın oların ürəyinə!.. Qadam onların oxumağına!.. Allahın verən günü məni apardılar, ta ayağımda başmaq da qalmadı gedib gəlməkdən... Hər kimə deyirəm, cavab verirlər ki, bizə rus qızı lazım deyil. Xırda xanım. Nurcahan, bizə yatmaq kar verməz; gərək elə bu gündən başlayaq tor atmağa. Nurcahan. Nə demək istər? Əlbəttə, əlbəttə... Mən deyirəm elə bu saat gedim görüm nə qayırıram. Xırda xanım. Bax, Nurcahan, bu işi səndən istəyirəm. Gərək nə tövr olsa düzəldəsən. Mən də sənə borclu oluram bir dəst şaldan libas əbrə işməkli, otuz manat pul və qabaqcan bir dəst çit paltar. Bəsdimi? Nurcahan. Heç verməsən də mən sənin qulluqçunam. Sən nə deyirsən, başına dönüm. Xırda xanım (çağırır). Səkinə! Səkinə! Səkinə daxil olur. Xırda xanım. Anan boyuna qurban, o sandığın içində çit var, onu gətir ver Nurcahan nənəyə. (Səkinə gedir.) Bax, Nurcahan, dəxi bilmirəm, bu işi səndən istəyirəm. Nə tövr olsa gərək iş düzələ, yoxsa məni ölmüş görərsən. Səkinə çiti gətirir. Nurcahan (Səkinəyə). Nurcahan nənən sənə qurban, a bizim maralımız, a bizim ceyranımız, a bizim tavatımız! Belə ahu baxışına qocaca nənən qurban, a qız, a qız!.. Xanım, deyirəm dahı mən gedim. Xırda xanım. Səkinə, sən get öz otağına. (Səkinə gedir.) Nurcahan, hələ bir az gözlə görək təzə dərviş nə deyir. Nurcahan. Xırda xanım, başına dönüm, o dərvişdən adama möcüzələr nağıl eləyirlər, adamın başının tükü biz-biz durur... Deyirlər ki, əgər istəsə səni də bu saat öz yanına biixtiyar caduynan aparar, necə ki, Hacı İskəndər bəyin arvadını aparıbdır. Xanım, dərvişi də yaxşı fikrinizə salmısınız. Əbdürrəhim daxil olur. Əbdürrəhim. Xanım, dərviş gəlibdi. Xırda xanım. Buyursun. Dərviş daxil olur, çiynində xurcun tayı, içi dolu kitab və hər bir büsatı ilə. Dərviş. Salam əleyküm. Xırda xanım və Nurcahan (ayağa durub). Əleykümsalam, ağa dərviş, buyurun. (Dərviş oturur.) Dərviş. Xanım, bəndəyə görə nə fərmayişiniz var? Xırda xanım. Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görkəzirsiz, doğrudurmu? Dərviş. Nə ərz edim, xanım xahiş edən görər. Xırda xanım. Mən xahiş edərəm ki, siz bir qızın bir oğlan ilən ulduzun barışdırasınız və əgər bu işə əncam versəniz, məndən nə alarsınız? Dərviş. Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır necə ki, bir cam su içmək. O ki qaldı məni razı etməyə, o bağlıdır sizin şəfaətinizə. Xırda xanım. Mən hazıram hər nə siz buyursanız, onu sizə verməyə. Dərviş. Xanımcan, şükür olsun xudaya, siz sahib güzaransınız və mən sizdən artıq istəmirəm. Mənə iltifat edərsiz bir rəs at, bir dənə cübbə, bir saat və bir qədər cib xərşdiyi. Xırda xanım. Mən razıyam. Dərviş. Buyurun indi görək oğlanın ismi nədir, qızın ismi nədir? Xırda xanım. İskəndər və Səkinə. Dərviş. Pəh, pəh! Maşallah! İsmlərindən görünür ki, tamam olmuş işdir. İskəndər və Səkinə... Xanım, buyurun bir təşt su gətirsinlər. Nurcahan gedir su gətirməyə, dərviş kitablarını açır, qələmdanı və bir neçə kağızları o yan-bu yan edir, əbcəd hesabına görə kağızlarda yazır. Nurcahan təşti gətirir, dərviş diqqət ilə suya baxır. Dərviş. Xanım, buyurun görüm Səkinə xanım gecələr vəhşət ilə qalxıb yeri üstə oturub, öz-özünə danışırmı? Xırda xanım. Ağa dərviş, Allahı sevərsən məni qorxutma, hərdən-birdən olur. Dərviş. İşimiz bir az çətin oldu. Amma eybi yoxdur, qorxmayın! (Qoltuğundan bir neçə zəncir çıxardır, silkələyir.) Xanım, bu zəncirləri görürsən? Bunların hər bir bəndində düşmənlərin birisi bağlıdı. Babasına lənət onların, heç zad qayıra bilməzlər. Buyurun bir içi dolu od manqal gətirsinlər. (Nurcahan gedir manqal gətirməyə, Dərviş ciblərindən neçə kağızlar arasında cürbəcürə otlar və benqalski aqon çıxardır.) Xanım, bilirsiniz nə var? Sizdən təvəqqe edirəm ki, qorxmayınız... tayifeyi-cindən ikisi Sərtanüş və Muqərqanuş mütəsərrif ediblər Səkinə xanımı. Lazımdır onları rəf etmək, ta ki işlərimiz düzəlsin, yoxsa onlar qoymazlar. Kafirlər hücum edib gələcəklər, mən onların qanadlarını yandıracağam, amma qorxmayın (Nurcahan manqalı gətirir. Dərviş başlayır oxumağa. Oxuya-oxuya bir neçə otlar atır manqala, qalxır ayağa bir əlində kitab və bir əlində nacaq benqalski aqonu atır manqala, oxuyur.): Xurulfərrarə vəttəlqa və şeyən yəşbəhülbərqa. İza məzzac təhussöhqa. Mələktəş-şərqə vəlqərba, sərhəti təcətü mərahya... Budu gəldilər, qorxmayın. (Yenə oxuyur əl-ayağın tərpədə-tərpədə, Nurcahan və Xırda xanım qısılmış). Nurcahan, Xırda xanım. Allah, sənə pənah. Allah, sənə pənah. Dərviş. Babası yanmışları gördünüz? Yaxşı tanıyırsız Heydərəlini. Tamam heyvanat, nəbatat, vəhşiyyat, cinü ins bu tilsimlərdədirlər. Zəncirlərdə... Xırda xanım və Nurcahan. Allah, sənə pənah. Allah, sənə pənah. Allah, amandı. Dərviş. Qurtardım. Heç qorxmayın, bacılarım. İndi, xanım, bir şey var; mənə lazımdır bir dənə yumurta, o yumurtanın üstündə bir dua yazacağam zəfəran ilə. Gərək onu İskəndər bəyin qapısında bir övrət yerə vursun, sındırsın... Əlavə mənə lazımdır bir dənə kök qurbağa. Dua yazacağam, o duanı atarsız bir cam suya və qurbağanı asarsınız o camın üstünə başıaşağı və bir də bir dua yazacağam, onu suya salıb verəsiz oğlana; bir qətrə də olsa kifayət edər. Çay içində, su içində. eybi yoxdur. Xırda xanım. Nurcahan, dur bir yumurta gətir. (Nurcahan gedir.) Ağa dərviş, bəlkə bu saat qurbağa tapılmadı. Dərviş. Eybi yoxdur, sonra taparsınız. O qurbağa başıaşağı qalıb suya baxa-baxa öləcəkdir və o dəqiqədən başlanacaq məhəbbət eşqi odlanmağa... Nurcahan yumurtanı gətirir, dərviş yumurtanı yazıb Dərviş. Xanım, bu yumurta gərək yerə qoyulmasın. Nurcahan bacı, saxla, yerə qoyma. (Yumurtanı Nurcahan yaylığının ucunda döşündə saxlayır.) Dərviş. Nurcahan bacı, bir-iki kasa də təmiz su gətir, birisi içməkdən ötrü, birisi də qurbağadan ötrü. Nurcahan. Ağa dərviş, ala, su hazırdı. Dərviş (duaları yazıb suya salıb). Bu göy kasa qurbağadan ötrüdür və bu ağ kasa içməkdən ötrü. Dur, xanımcan, indi mənim elmim tamam oldu. Rüsxət verin, mən gedim. Xırda xanım. Ağa dərviş, buyur. Bu hesab deyil. (Beş manat verir.) Dərviş. Xanım, iş möhkəm olmaqdan ötrü fitəni də (cibindən çıxarar) atarsız ocağa, yansın, ondan sonra oğlan Allahın verən günü biixtiyar gələcək qulluğunuza. Dəxi mən də mürəxxəs olum. Xırda xanım. Buyur, Allah səni də və məni də bu işdə məyus eləməsin... (Dərviş gedir.) Nurcahan, gərək sən də öz işinin dalınca ol. (Gedirlər. Pəri daxil olur.) Pəri. A başınıza dönüm, bu arvad lap ağlını itiribdir axı. Bir deyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vermək olar?.. İşdi yağmadı, bitmədi. Ondan sonra zurnaya qulaq as. Gələcəkdi Püstə xanım, “a qız, Xırda, bacın ölsün, bu nə sözdü şəhərdə danışırlar?”... Gələcəkdi Bədircahan xanım, “a qız Xırda, mən elə sevinirdim, and olsun Allaha, elə sevinirdim. Doğrusu deyirdim yoğurmadım, yapmadım, hazırca kökə tapdım, a xalan ölsün bu nə işdi?”.. Gələcəkdi Məşədi Cahan, “xanımın canı sağ olsun, İskəndər olmaz, Kərim olu, Kərim olmaz, Səlim olu”... beş-beş gələcəklər, yeyib-içib, şad-xürrəm geri gedəcəklər. Xanımlar elə belə mahna axtarırlar. İndi, Pəri, gəl evi süpür. Pəri, su gətir. Pəri, başmaq qoy. Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub... Əgər xanımın ağlı olsaydı o bir dəst çit libası verərdi mənim qızıma, mən yüz Nurcahan kimi adamın işin görərdim. Baş tutardı çox yaxşı, tutmazdı qalardı palaz altında... Çörəyi çörəkçiyə ver, birini də artıq. Aley, daş başına, ağılsız başına. (Qarğıyır Xırda xanım gedən tərəfə.) Pərdə * * * Üçüncü məclis Əhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır. İskəndər bəy (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum... Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!.. Nurcahan (qapıdan baxır). Həkim, sənsən? Başına dönüm, atam, anam sənə qurban! İskəndər bəy. Mənəm xala, içəri gəl! Nurcahan. Belə xalan sənin başına dönsün. Belə xalan sənin qadan alsın. İskəndər bəy. Mənə görə nə qulluğun var? Əlindəki nədi? Nurcahan. Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlı nəvəmə dava adına, məndən beş şahı pul alıb. İndi hər kim dadır deyir bu xalis sudu, indi sənə qurban olum... İskəndər bəy. Gətir görüm. (Alıb dadır.) Xala, doğrudan bu xalis sudu. Səni həqiqət aldadıblar. Nurcahan (kənara). Yumurtanı sındırdım, suyu da içirdim. Bəs, başına dönüm, nainsaf oğlu mənicə aldadıbdı. İskəndər bəy. Nəvənin naxoşluğu nədi? Əgər bura gələ bilir, gətir baxım. Nurcahan. Nəvəm də sənə qurban, nəvəmin nənəsi də... sənəcə mənim bu cancığazım qurban... Şükür olsun Allaha, böyük həkim olmusan bizim kimi fəqir-füqəraya köməkliyin dəyir, bizlər də sənə duaçı olluq. İskəndər bəy. Xala, sən nə diribaş qarısan? Mənəcə nə verərsən sənə bir elə dava verim ki, norəstə cavan olasan? Nurcahan. Sən mənə nə verərsən sənə bir elə qız tapam ki, şam yandırmaq lazım olmaya, üzünə baxanda günə baxan kimi gözlərin qamaşa. Gərdəni bir qarış, boyu sərv ağacı, ağ üz, qara kirpik, qara qaş, gözləri ala, ahu balası. İskəndər bəy. Qarı, deyirsən eləməzsən. Nurcahan. Mən? Mən? Eh, məni hələ tanımırsan. Mənə Nurcahan deyərlər. Mənim anam ölsün, tamam vilayətin alış-verişi hamısı mənimlədir. Mən başdan-ayağa sirr dağarcığıyam. İskəndər bəy. Ay sirr dağarcığı, bəlkə mən elə küflət sahibiyəm, onda?.. Nurcahan. Qoca sərçəyə cub-cub öyrədirsən? Sənin nə vaxtındı külfət sahibi olasan, dünənki uşaq ola-ola. Dəli Şirin qapının dalından. Şirin. Görəsən həkimbaşı evdədirmi? Nurcahan. Həkim, başına dönüm, odludu, qoyma içəri girə, yoxsa xata elər. İskəndər bəy. Dəli də məriz deyilmi? Qoy gəlsin görüm dərdi nədi?.. Hər kimsən içəri gir. Nurcahan. Mürəxxəs olum, başına dönüm. Şirin daxil olur. Şirin. Paho, paho! Nurcahan qarı, axirətsiz! Nə tez xam yerə şikara çıxmısan? Nurcahan. Qapıdan belə dur, mənim zırrama dəli ilə işim yoxdu! Şirin. Hələ dur! Dur! Yoxsa axırını elərəm... Həkim, qadan alım, verdiyiniz dava qurtarıb, amma uşaq da yaxşıdı. İskəndər bəy. Çox əcəb, artıq lazım deyil? Şirin. Bəy, mənim adım Dəli Şirindi. Tamam vilayət məni dəli hesab eləyir, mən bu saat sübut elərəm ki, mən dəli deyiləm. Ancaq ərzimə qulaq asın və sən də, Nurcahan, əlim-ayağım dəyməmiş dur yerində. (Nurcahanın qolundan tutub dartır ortalığa.) İskəndər bəy (stul üstə oturub kənara). Qəribə işə düşdüm. Şirin. Həkimbaşı, mən özümü dəli kökünə salmışam ondan ötrü ki, vilayətimizdə həqiqətdə dəli çoxdu və mən neyləyim; bazara girdin gözü qıpıq, sən də ol gözü qıpıq! Nurcahan. Şirin, and olsun uşaqlarımın canına, sənə beş fətir bişirrəm, məni burax gedim. Şirin. Heç mümkün deyil. Dinməz-söyləməz dur yerində, yoxsa burnunu dişimlə qopardaram. İskəndər bəy (kənara). Yaxşı qaravəllidi, axırını görək. Şirin. Bəy, bu Nurcahan arvadı ki görürsən, şəhərimizdə beləsi hesabsız çoxdu və bunun özü tamam vilayətdə məşhur övrətdi. Əvvəli bir nazlı, həkətli, gəl məni gör, dərdimdən öl gəlindi. Nə qədər cahıldı, ötənə-keçənə göz vurardı... Belədi, Nurcahan? Nurcahan. Yalansa ağrım ürəyinə!.. Dəlinin sözünə inanan özü də gərək dəli ola... Mən sənə nə deyim, hər nə istəyirsən de. İt hürər, karvan keçər. Şirin. Həkim, eşitmişsinizmi ki, dəlidən doğru xəbər? Mən elə o dəlilərdənəm. İskəndər bəy. Mən ki həkiməm, səndə bir dəlilik görmürəm. Şirin. Dalına quluq asın! Qocalanda sonra başladı əvvəl miyançılığa. Nə döyülməyi, nə söyülməyi vecinə almadı; arı yedi, namusu atdı dalına. İndi böyük məşğuliyyəti odu ki, gəzər xan evlərini, bəy evlərini, bunun sözünü ona deyər, onun sözünü buna deyər. Hər bir sözün üstə yüz min qeyrilərin bəzəyir. Xudanekərdə bir xanım cürət eləyib buna istədiyi şeyi verməyə... Vaveyla, vamüsibəta. Nurcahan. Sənin ki dədənin malını vermirlər... Saqqalına bax, saqqalına. Şirin. Nurcahan... Əvvəl ki, sən ağuçu idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? Nurcahan. Həkim, başına dönüm, mənim nəvəm naxoşdu, Allahı sevirsən məni bu dəlinin əlindən qurtar gedim. Şirin. Qoy mən bəyə əhvalatın hamısını nağıl eləyim, sənə bir turp əkim tütünün başından çıxsın, ondan sonra gedə bilərsən. Nurcahan. Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimiləri çox xaltalamışam, ay it! Şirin. İndi ki, belə oldu, çox yaxşı, çox əcəb... Bəy, sənə mənim canım qurban olsun, bağışlagilən sənə baş ağrısı olur, şəhərə təzə gəlmisən, bizim yerin gərək əcayib-qərayib işlərin öyrənəsən. İskəndər bəy. Əvvəldən gərək olmayaydı, çünki başlamısan, söylə görüm axırı nədi. Şirin (Nurcahana). Ay imansız qarı, sən haman Nurcahan deyilsən ki, Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşın arvadın göstərdin, nə qədər onu yedin? Nurcahan. Yalançının atası dərin yansın! Yalançının atasının qəbrində donquz bağlayım! Şirin. A imansız dılğır qarı, sən haman Nurcahan deyilsənmi ki, Şahbaz bəyi aldadıb apardın, biçarəni Qulaməli bəyin tələsində öldürdün. Nurcahan. A səni görüm dizin-dizin sürünəsən! A səni yaylımı gülləyə rast gələsən! Ay tünbətün oğlu, bu sözlər nə sözlərdir ki, özündən qayırırsan? Şirin. Səni gərək ağladım, hələ harasıdı... A qarı, de görüm, sən deyildinmi təziyə yerində Hacı Tanrıverdinin arvadının ətək qızıllarının səkkizini kəsib yasavul qabağında polisxanaya gedən? Nurcahan. Axırı necə oldu, a beyman! Axırda taqsırlı kim oldu, a bihəya? Şirin. Axırı necə olacaq, pristav qızılları məzdədi, səni də buraxdı. Nurcahan. Yalançının evinə od düşsün! Yalançının balaları qırılsın! Yaxşımı? Şirin. Bunlar olsun yalan. İndi mənim özümün başıma gətirdiyin məğlətəni bəyə ərz eləyim; günlərin bir günündə... Nurcahan. Daha bəsdir, qapıdan belə dur. Vallah, yoxsa bir oyun oynayaram tamam şəhər bura tökülər. Belə dur, cəfəng oğlu cəfəng. (İstəyir getsin.) Şirin. Ağlamasan buraxmaram. Nurcahan. A bihəya oğlu, azmayınan! Məni burada yalqız görmüsən? Belə dur deyirəm sənə! (Ağlayır.) İskəndər. Daha bəsdir, çıxın. İkiniz də birdən çıxın. Tez, tez! (Şirin və Nurcahan dalaşa-dalaşa gedirlər.) İskəndər bəy. Şirin dəli deyil. Dəli mənəm ki, bu hədyana indiyə kimi qulaq asırdım. Qapını döyürlər... barı ikinci Şirin olmayaydı. (Gedir.) Pərdə * * * Dördüncü məclis Əhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında. Xırda xanım. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil... Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam... Xülasə, çox bədxab oldum... İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır. Pəri gəlir.) Pəri. Nə buyurursan, xanım? Xırda xanım. Nurcahan bura gəlmişdi? Heç bir xəbər varmı? Pəri. Xeyr, gəlməyib, heç bir xəbər də yoxdu. Xırda xanım. Get Əbdürrəhimi bura göndər. (Pəri gedir.) Nurcahandan çıxmayan iş!.. Gərək o tezdən gələydi. Görəsən xudaya, görə bildimi, dərvişin dediklərini əmələ gətirdimi? Hə-yoxluğun barı tez bileydim. Bir-iki gün də belə keçsə, məndən daha adam olmaz. Əbdürrəhim daxil olur. Əbdürrəhim. Nə buyurursan, xanım? Xırda xanım. Nurcahan bura gəlmişdi? Bir xəbər varmı? Əbdürrəhim. Xeyr, gəlməyib və bir xəbər yoxdu. Əgər buyurursan, gedim bu saat çağırım. Xırda xanım. Get, gözünə dönüm, gör evdədimi? Deyinən xanım deyirdi bu saat bura gəlsin. Əbdürrəhim. Baş üstə. (Gedir.) Xırda xanım. Bilmirəm nədi ki, bu qızı Allah adama verir. Qız əvəzində bir daş olsaydı, böyük xoşbəxtlik olardı. Qızı adama ərə verib qurtaranacaq ya quddus deyir. Yer üzündən kökünüz kəsiləydi, dahı məndə can qalmadı. Səkinə daxil olur. Səkinə. Ana, çay gətirimmi? Xırda xanım. İstəmirəm, yenə ürək döyünməm artıb. Çay içsəm, yenə gərək çölə qaçam. Səkinə. Taqsır özündədi, hər bir zada hirslənirsən, axırda ürək döyünmən qalxır. Xırda xanım. Qoçaq, həkimliyi nə tez öyrəndin? Get, küçük, başımdan ol. Bəlkə bir xəlvət işim var, uşaqsan, büzül yat! Səkinə (gedə-gedə). Sən deyən olsun, ancaq hirslənmə. Xırda xanım. Bilmirəm nədəndir bu saat elə haldayam ki, istəyirəm aləmə od vuram... Özümdən narazı, gedədən, qarabaşdan narazı... Əgər bu halda kişi gələ, başında tərs dəyirman işlədərəm. Nurcahan daxil olur. Nurcahan. Salam əleyk. Xırda xanım. Əleyk salam a Nurcahan, indiyə kimi hardaydın? Səni gözdəməkdən gözümün qarası getdi. Nurcahan. Əvvəl başdan ərz eləyim, Xırda xanım, başına dönüm, belə gözlərimiz aydın olsun. Xırda xanım. Belə aydınlıq içində ol. İmanın kamil olsun. Nağıl elə görüm nə var. Nurcahan. Mənim ki bu dilim var, Xırda xanım, onu gərək qızıla tutam. Getdim yumurtanı sındırdım, su aldım əlimə, dedim: başına dönüm bu suyu dava əvəzinə mənə bir baytal veribdür. İçdi dedi “xalacan”... Hər bir sözün başında “xalacan”... həqiqətdə sudu... O yan-bu yan. Bəs dedi mənim burada bir kəsim yoxdu, çox şad olaram ki, sənin kimi imanlıya rast gəldim. Hər nə sən desən, mən onu qəbul elərəm... Xülasə, danışığımız çox oldu. Xırda xanım. Evlənməkliyinin barəsində söhbət olmadı? Nurcahan. Bəs mən nədən ötrü getmişdim? Özü dedi ki, bundan sonra mənə lazımdır ki, ev olam. Mən də ona dedim ki, sənə bir qız yeri bilirəm qonşuluqda. Sərv boylu, gərdəni bir qarış, qaş qara, kirpik qara. Xırda xanım. Gərək deyəydin ki, filankəsin qızı, atası bu, anası bu. Nurcahan. Xanım, gedim balalarımın üzün görməyim, əgər bunların hamısını deməmişəmsə. O da mənə zarafatnan dedi ki, sənə bir dava verim, on beş yaşında qız olasan. Bir danışan, bir məzəli oğlandı ki, heç dünyada özünün də əvəzi yoxdu. Pəri daxil olur. Pəri. Xanım, bu gün nahara nə hazır eləyim? Xırda xanım. Hər nə ki sənin keyfin istəyir... Pəri, otaqda şəlitin üstə bir yaylıq var, ört başına, onu sənə bağışladım. Pəri. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.) Xırda xanım (çağırır). Əbdürrəhim, Əbdürrəhim! Əbdürrəhim (daxil olur). Nə buyurursunuz? Xırda xanım. Taxtın altında bir cüt çəkmə var, onu və sandıqxanada bir yapıncı, onu verdim sənə. Əbdürrəhim. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.) Xırda xanım və Nurcahan (ikisi də birdən). Amin!.. Amin!.. Amin!.. Nurcahan. Xanım, başına dönüm mən bu gecə bir vaqiə görmüşəm. Xırda xanım. Allah xeyir eləsin... Nurcahan. İnşallah xeyirdi. Gördüm ki, bir göz iştədikcən düz yerdi. Otluq, gülzar. Bu düzün ortasında bir buynuzlu maral otlayır. Hərdən-birdən başını qalxızıb o yana, bu yana baxır, amma kənardan bir üzü nurlu kişi bu marala tərəf gəlir. O adam getdi maralın yanına, maral qaçmadı. O kişi maralın başına ip salıb dalınca apardı. Mən buna çox təəccüb elədim, istədim ki, o üzü nurlu kişiyə yaxınlaşam, bu halda qulağıma azan səsi gəldi, oyandım. Xırda xanım. Bu elə bizim işimizdir, o şəxs də haman dərvişdi. İnşallah maral qaçmaz. Nurcahan. Xanım, başın üçün mən özüm də elə belə yozmuşam. Dərviş daxil olur. Dərviş. Salam əleyküm. Xırda xanım və Nurcahan. Əleyküm salam, ağa dərviş, buyur otur. Dərviş. Xanımcan, dəxi nə oturum, bu gün sübh tezdən Hacı Məhəmmədtağı və Hacı Kərim gəldilər mənim mənzilimə və mənə təklif etdilər ki, bu gecə cəm olalar mənim mənzilimə və mən onlar üçün dua yazım. Söhbət arasında mənə məlum etdilər ki, bu saat onlar gəlirlər təzə həkimin yanından. Guya İskəndər bəy onlardan çox iltimas edib ki, onlar sizin qulluğunuza gəlsinlər namzədlik üçün və onlar şal və üzük tədarükünə düşüblər... İndi, xanımcan, bildinizmi mənim dualarımın hikmətini?! Xırda xanım və Nurcahan (səcdəyə enib). Allah, sənə şükür. Allah, sənə şükür. Əbdürrəhman bəy daxil olur. Əbdürrəhman bəy. Arvad, dünən sən mənim başıma nədən ötrü o müsibəti açırdın? Məgər övrətdə səbr olmaz, ağzına gələn hədyanı söylər? İndi necə oldu? Xırda xanım. Necə olacaq, şükür olsun Allahın dərgahına. Gözünü sil, dürüst bax gözümə... İndi bilirsənmi arvadın da qoçağı olar. Əbdürrəhman bəy. Xa! Xa! Xa! Arvad. Mənim qoçaq arvadım. Xa! Xa! Xa! Daldan atılan daş topuğa dəyər... Təklifini sevdim. Xırda xanım. Gördün bu qara nərin hünərini? Gərək əlimdən, ayağımdan öpəsən. Əbdürrəhman bəy. O qara nər ikicə pula dəyməz və hər nə iş tutsa özün biabır elər, necə ki dünən dedim. Xırda xanım. Kişi, Allahı sevərsən sən məni qorxuzursan. Nə var, tez ol, tez de görüm? Əbdürrəhman bəy. Nə olacaq? Sənin İskəndər bəyinin arvadı bu saat faytondan düşdü, yanında balaca oğlu. Xırda xanım. A Nurcahan, a dərviş, bu kişi nə danışır? Dəli olmusan, a kişi, nədi? Əbdürrəhman bəy. Mən niyə dəli oluram? Dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır. Xırda xanım. Əbdürrəhim, Pəri, Nurcahan, bu saat mənə bir xəbər, ay, ürəyim çatladı!.. Mənə bir az su! Tez! Öldüm, ay su. Əbdürrəhim. Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. Xırda xanım (Əbdürrəhimə). Vur boyunlarına bu bihəya uşaqlarının, çıxart çölə, çıxart çölə bunları... Ay, ürəyim çatladı... Əbdürrəhim (Nurcahanı və dərvişi çıxardır). İtilin buradan bihəya uşaqları. (Xırda xanımın ürəyi gedir.) Əbdürrəhman bəy (Xırda xanımı qucaqlamış). Özünü toxtat, yassar olma. Əbdürrəhim, su! Tez, tez ha! Ay aman su. A qız, özünü toxtat deyirəm sənə. (Səkinə və Pəri tələsik daxil olurlar, qucaqlayırlar Xırda xanımı.) Səkinə xanım. Ana, sənə qurban olum, nə qayırırsan? Uy Allah, uy!.. Pərdə * * * == Sonrakı peşmançılıq fayda verməz == Sonrakı peşmançılıq fayda verməz (3 məclisdə) Əhli-məclis Səlman bəy – təzə evlənmiş dəftərxana mirzəsi Səlbnaz xanım – onun övrəti Səttar bəy – onun əmisi oğlu Fatma xanım – onun anası Şamama xanım – Səttar bəyin övrəti Çiçək xanım – onun qayınanası Kürd Ələkbər – Səlman bəyin nökəri * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki. Səlman bəy (saata baxır). Səkkiz tamama qalıb beş dəqiqə. Əzizim, sənin samavarın gec oldu, mən gedim. Bu gün poçt günüdü, tamam çinovniklər yığılıb. Səlbnaz xanım. Bu saat hazır olu, çaysız hara gedirsən?.. Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olu. Səlman bəy. Bu gecə saat birəcən yazmışam, genə qurtara bilməmişəm. Hamısı vacibli kağızlardı. Gedib ət-zad alıb göndərənəcən saat olu doqquz. Mən getdim, sən rahat anamı da çağır, çayını iç. (Gedir.) Səlbnaz xanım. Ax, bu qulluq da heç bir zad deyilmiş; biçarəni lap cannan salıbdı, barı heç olmasa qoyalar günortadan sonra bir az dincələ, o da yoxdu. Vallah çay da adamın boğazından ötmür, yediyi-içdiyi haram olur. Fatma xanım (daxil olur, gözündə çeşmək əlində corab hörə-hörə oturur oğlunun yerində). O Səlman necə oldu? Səlbnaz xanım. Genə çay içməmiş getdi. Fatma xanım. Dədəmin dərdin içsin. Neyniyim içmədi, çox mənim vecimə idi! Səlbnaz xanım (kənara). Allah, sən özün xətadan saxla, genə pis başlayıb. Fatma xanım. Vallah, mən özüm bu saat bir haldayam ki, nəinki Səlmanı, qardaşlarımı da gözümün qabağında doğrasalar, əhvalıma təfavüt eləməz. Səlbnaz xanım (kənara). Genə bərk tutulub, Allah sən özün xətadan so... (Ələkbər daxil olur, əlində samavar, çaynik üstdə, samavarı qoyur Səlbnaz xanımın yanında.) Fatma xanım (Ələkbərə). O boynunu yerə soxduğum getdi? Ələkbər. Kimi buyurursan, xanım? Fatma xanım. O adı batmış oğlum. Ələkbər. Bəli, getdi. Fatma xanım. Getsin, neynək. Boynu ha yanının altında qalmayacaq, həlbət gələr. Mən bu gecə sabaha kimi can vermişəm, səsimi qonşular eşidibdi, buradanca bura bir gəlib deyən olmayıbdı ki, niyə ölürsən. (Ələkbər gedir.) Səlbnaz xanım (kənara). Bu canım ölsün ki, başdan-ayağa yalandı, görəsən ürəyinin qurdunu tərpədən nədi? Fatma xanım. Deyən gərək mən nəyə gərəyəm, niyə ölüb qurtarmıram, Allahın çox əziz bəndəsi olmuşam? Səlbnaz xanım (bir stəkan çay əlində). İsti-isti bu çayı iç, bəlkə tərliyəsən. Fatma xanım (çayı tullayıb). Apar özün boğmalan... Mən həmişə çay içənlərdən deyiləm. Səlbnaz xanım. İçmirsən, deyinən içmirəm, daha stəkanın taxsırı nədi sındırırsan? Fatma xanım. Sındırıram, belə bu əllərimin ortasından gəlir. Dədənin ha xarabasının qabın sındırmıram? Səlbnaz xanım. Beş gün deyil ki, onları oğlun alıb gətirib. Fatma xanım. Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib, sənin nə borcun? Səlbnaz xanım. Hər kim gətirib, gətirib. Evdəcə şeydi, axı niyə sınsın? Fatma xanım. Çox artıq danışarsan, duraram hamısını cilik-cilik elərəm. Səlbnaz xanım. Səndən hər nə desən çıxar. Qorxuram mənim özümü də döyəsən. Fatma xanım. Səni döyəndə sən Çingiz xanın nəvəsisən? Səni döymək olmaz? Anan sarımsaq, atan soğan, sən haradan oldun belə gülməşəkər, balam?! Səlbnaz xanım. Çox artıq danışma, sənin də atanı tanıyırlar, mənim də. Fatma xanım. Səndə taxsır yoxdu. Taxsır mənim o arvadağızdı oğlumdadı. Elə oğlun boyuna ip ölçüm... Mən öz əlimlə öz başıma daş salmışam, sənin ananı görə-görə, gedib səni alanda. Səlbnaz xanım. Sən alanda başımıza tac qoymusan? Sən almazdın, həlbət bir hambal tapılardı. Fatma xanım. Dünən bir, bu gün iki, dilinə bax dilinə... Niyə daş yağmır, Allah? Səlbnaz xanım. Sən bu gün aşkara dava axtarırsan. Qoy, Allahı sevirsən, bu bir stəkan çayı içək. Fatma xanım. İç, beşin iç, ağzınacan da qəndin doldur, qazananın canı çıxsın. İstəyənə də ver, qənd ver, çay ver, düyü də ver. Kimdi qabağına duran! Səlman bəyin vayın eləyim! Səlbnaz xanım. Elə bir ovuc düyüdən ötrü ki, dünən o yazıq arvada verdim, qarnına od dolubdu. Bilməmişdik gərək rüsxət istəyəydik, bağışlayasınız? Fatma xanım. Uy, uy, uy! Aman, aman! Dad, balam, sənin kiminin əlindən! Səlbnaz xanım. O bircə qardaşım ölsün ki, sən bir ovuc düyüdən ötrü bu davanı başlamısan. Azarlı sənin kimi dingildəməz. Peşman olmadım ki, bir nəlbəki düyü verdim, sən özün qoltuğuna basıb, atayın evinə aparanda mən sənə deyirəmmi ki, bu evi niyə dağıdırsan? Fatma xanım (əllərini qalxızıb yerdə oynayır). Yarıdıq yaza çıxdıq. Bəxtəvər başımıza, bundan sonra da gərək gəlinə baş açaq, əlimizi döşümüzə qoyub izn istiyək: gəlin, bir parça çörək alıb yeyimmi? Gəlin, ağlaşmaya gedimmi? Ay yiyi! Mən səni bu dildə, bu damaqda qoya bilmərəm, qoy bircə o kafir oğlu kafir gəlsin! Səlbnaz xanım. Gələndə çox qorxan vardı; birin deyər, ikisin deyərəm! Fatma xanım. Dur bu saat sürün buradan, cin sifətli, cinə oxşayanın qızı! Səlbnaz xanım. Odu, qapı açıqdı, özünüz buyura bilərsiniz. Mənim sahibim sən deyilsən. Əgər o desə, kəbinimi qoysun ovcuma, baş üstə, getmək çətin deyil. Fatma xanım. A qız, məni öz evimdən qovursan? A bihəyanın qızı! Ələkbər daxil olur. Ələkbər (Fatma xanıma). Xanım, günorta oldu, ət alıb gətirmişəm, nahara nə bişirim? Fatma xanım. Dədəmin dərdin! Sürün buradan, it südü əmmiş! Gözümə elə nahar görünürdü. Ələkbər. Sənin çox da gözünə görünmədi. Axı ağa gələcəkdi ac-susuz, ona nə deyim? Fatma xanım. Get boğma pişir, zəhər pişir, zəhərmar pişir, dərd, vərəm pişir, yaxşımı?.. Ələkbər. Heyif o oğlana ki, sənin oğlundu. Fatma xanım. Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! Ay səni öyrədənin üstünə ildırım düşsün! Ay səni öyrədənin ciyəri dağlansın! Mənə xoruz-beçə deyirsən! Ələkbər. Məni öyrədib eləyən yoxdu. Sən Səlbnaz xanıma eyham atırsan. Amma imanlı ol, məni öyrədib eləyən yoxdu, doğrusu budu ki, mən dahı burada dura bilmərəm. Fatma xanım. Səni gücnən saxlayıram a mürtəd oğlu! Get, məlun oğlu məlun, yoxsa bağrım çatdar. Səlbnaz xanım. Get balam, get... Görürsən nə canbaza çıxıbdı? Ələkbər. Getməyəndə canımı çöldən tapmamışam, hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. Ələkbər gedir. Fatma xanım. Yaxşı deyirsən, əllərinin içindən gəlir, bacardığını müzayiqə eləmə! Əgər mən də mən ollam, bu evi tar-mar edərəm... Görək, mənə də Fatma xanım deyərlər, uzağa da qoymayacağam, bu gün, ya sabah! Səlbnaz xanım. Belə dolanmaqdansa, elə tar-mar olmaq çox məsləhətdi. Fatma xanım. Bir ev varmı, a səni xeyir görməyəsən ki, siz övladdan ora girə, o tar-mar olmaya? A sizin ocağınızı Allah göyə sovursun! Səlbnaz xanım. Doğrusu budur ki, mən özüm də təngə gəlmişəm. Mən bu evə gələn heç beş ay deyil, yüz yol bu evdə qırğın olub. Bir gün olmaz ki, bu xarabada dava, canbazlıq olmasın. Fatma xanım. Xoşuna gəlmir, qadam?.. Xoşuna gəlmir, qadam? Bəs nə oturmusan? Bir oğlum var onu da əlimdən almaq istəyirsən? O sənin turş xəyalındı, quzu? Səlbnaz xanım. O sənin oğlun, o da sən. Allah vara əl-ayağını dürt gözünə. Fatma xanım. A mürtədin balası, mənə nə deyirsən? Dahı bəsdi. (Çeşməyini çıxardır.) Əlim-ayağım dəyməmiş, buradan elə get olmamış kimi. Səlbnaz xanım (çarşabını götürmüş). Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan... Eybi yoxdu, desən biiman öləsən. (Gedir.) Qapıda anası rast gəlir. Çiçək xanım daxil olur. Çiçək xanım (qızına). Nə var, nə var, hara belə tələsik? Səlbnaz xanım. Ana, sənin qardaşların qırılsın, ana, məni yanar oda saldığın yerdə. Məni nədən ötrü bu kaftarın qıynağına vermisən, canımı yığıb boğazıma... Az qalıb özümü boğam öldürəm! Fatma xanım. A qız, Çiçək, belə şeyin var idi, balam, özcə başına yaxeydin... Məni niyə cəhənnəm oduna salırdın? Səlbnaz xanım. Ana, o qardaşlarımın xəbəri üstümə gəlsin ki, bircə nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. Yalandan azarlayıb, bilmirsən nə qayırır. Fatma xanım. A qız! Sənin bu ləçər qızın mənim üstümə oğurluq yıxır. Mənə deyir ki, düyünü qoltuğuna basıb aparırsan atayın evinə. Buna nə deyirsən? Məni bu ağbirçək vaxtımda oğru eləyir. Bunu Allah götürər? Belə iş harada görünüb, a sənin evini Allah yıxsın! Səlbnaz xanım. Barı ağ birçəyindən utan, gözümün içinə yalan demə, böhtan atma, Allahdan qorx, bəndədən utan! Fatma xanım. Çiçək, görürsən?.. Doğru deyirsən, balam, Allah qardaşını saxlasın... Mən yalançıyam, mən böhtan deyənəm. Çiçək xanım. A Fatma xanım, siz ağbirçək, dünyagörmüş arvadsınız, bu uşağa niyə qoşulursunuz? Fatma xanım. O uşaqdı?.. O uşaqdı?.. Xeyr, bəbədi. Ayağına papış gərək, döşünə önnük! Çiçək xanım. Elə danışırsınız ki, xiyar əyri bitir də. Fatma xanım. Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız? Sizə bir toy tutaram, aləm tamaşaya çıxar. Çiçək xanım. Gözünü sil, dürüst bax. Səni də tanıyırlar, məni də. Mən sənnən yavaş danışıram, yoxsa ayağın yer alır? Fatma xanım. Ana-qız məni döyəcəksiz?.. Ana-qız məni evimdən qovacaqsınız?.. Yamanlıq elədim, sənin bu bihəya qızını xoşbəxt eləyib, xanım elədim? Səlbnaz xanım. Yaxşı xoşbəxt eləmisən, üzün ağ olsun, kömür qarası kimi. Fatma xanım. Ay heyvana oxşayan tülkü balası, ananı gördün xoruzdandın? Vallah, bu saat ikinizi də yox kimi elərəm. Çiçək xanım. O sənin xam xəyalındı. Hələ görüm oğlun nə deyir... Səni o qədər süründürüm ki, cızdağın çıxsın. Bəri gəl a qız, səni mən bir dəqiqə bu halda qoymaram, səni mən bir Fatma qayırım ki, dədənin adı yadından çıxsın. (Gedir.) Fatma xanım. Poho, heç dahı dinməyin, dəftərxana qurulub, bizə tənbeh kəsiləcək. Çiçək xanım (başını qapıdan içəri salır). Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! A səni görüm öləndə dilin lailahəilləllah tutmasın, a zəhər torbası! Fatma xanım. Sənə bir od vuracağam, a biçarə, hələ harasıdı, qiyamətəcən dadı damağından getməsin! Çiçək xanım. Cəhənnəm köpəyinə oxşayırsan, a biiman, heç bir güzgü alıb, mürdəşir yumuş üzüvə baxırsanmı? Sənin sifətini görən sill tapar, gərək kəffarə versin. Fatma xanım. Sürünüb getməzsən, a çarxı xoruz? İstəyirsən paya götürüm? Çiçək xanım. Sənə bilirsən nə deyirlər, a qız? Quyudan ilan qaçıran Fatma xala, tumanı cırıx, məclis gülüşü, öz-özündən xəbəri olmayan... Ala, kül başına! Səlbnaz xanım. Bəsdir, Allahı sevirsən, gəl gedək (Gedə-gedə.) Biiman, kaftar, murdar! Fatma xanım. Gedin qabağınız qaya olsun, dalınız qırğın! Məclis tamam olur. Pərdə * * * İkinci məclis Fatma xanım tək, evi süpürə-süpürə. Fatma xanım. Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi... Əlimiz-əlimizin üstə, üzüörtülü buracan. (Döşünü göstərir.) Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi:. Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar... İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr... (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da... Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.) Səlman bəy. Bu gədə hara gedibdi bu vaxt? Fatma xanım. Bu gecə sabaha kimi mən titrəmişəm; ölüb, ölüb, ölümlərdən qayıtmışam və indi başımı tərpədə bilmirəm. Səlman bəy (qapıdan aşpazxanaya baxıb). Bu nə işdi, gədə evdə yox, Səlbnaz evdə yox, ocaq üstə qazan yox, od yox. Nə olubdu? Mən axı sabahdan çaysız getmişəm. Fatma xanım. Balam, gədəni arvadın qovdu... Elə gəlini görüm ki, qudursun, çiyinlərin yesin. Mən də ki, görürsən, ağzı üstə qalmışam, tərpənə bilmirəm. Səlman bəy. Axı nə səbəbə Səlbnaz gədəni qovdu? Gədə ilə Səlbnazın nə işi var? Nə alış-verişi var idi? Fatma xanım. Məni artıq danışdırma, görürsən ki, ölürəm, məndə o hal hanı ki, sənə cavab verim? Səlman bəy. Mən də axı bu evin hambalıyam... Saat dördün yarısıdı, yemək istəyirəm, barı heç olmasa deyin görüm Səlbnaz hansı cəhənnəmə getdi? Fatma xanım. Belə anası gəldi, tutdu qolundan, götürdü getdi... Az qalmışdı məni də burada döyələr. Yəqin gördülər ki, məndə o hal yoxdu, getdilər, Allah atalarına rəhmət eləsin. Səlman bəy. Genə başa düşə bilmədim, axı səbəb nə oldu? Fatma xanım. Səbəb nə olacaq? Qudurğanlıq. Onların görüm cəmdəklərinə qurd düşsün. Səlman bəy. Belə zülm heç bir millətdə görünməyib ki, siz mənə eləyirsiniz. Belə zülmü Allah da götürməz, bəndəyə də xoş gəlməz... Tutalım mən elə bir dilsiz, ağızsız heyvanam. Məgər heyvana adamın yazığı gəlməz?.. Nainsaflıq buracaq? Gecə-gündüz sizin qalmağalınıza dözürəm, fəhləlikdən əl çəkmirəm. Allah bir parça çörək veribdi, onu da qoymursunuz heç olmasa bircə gün vədəsində adam kimi yesin. Vallah, billah, tallah, təngə gəlmişəm, axırı peşman olacaqsınız! Məgər arvad tayfasında ləfzi-insaf, mürvət olmaz? Fatma xanım. Bu sözləri mənə niyə deyirsən? Əgər sən yaxşı kişi olsaydın, işlər belə olmazdı. Səlman bəy. Əgər mən sən deyən kişilərdən olsaydım, iki kötək ona vurardım, biri də gərək... Nə eləyim, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. Fatma xanım. Mən səndən elə onu istəyirəm ki, bir yumruq ona vuranda beşini mənə vur, mən incimərəm. Səlman bəy. Bəli, elə o qalıb ki, gündə piyabazlıq olsun. Ömür çox xoş keçər. Axı genə mən bilmədim nədən ötrü anası Səlbnazı apardı? Fatma xanım. Nə eləyim, anası gəlmişdi bura, yolu qara gəlmiş. Mən dedim ki, a qız, akuşkanın ağzından belə dur, gəlib-gedən var, mənim acığıma akuşkanı açıb oturdu üstə. Bunun üstə dalaşdılar, getdilər. Çiçək xanım və Səlbnaz xanım daxil olurlar. Səlman bəy (kənara). Bəli, bircə Çiçək xanım əksiydi. Çiçək xanım (Səlbnaz xanımın qolundan tutub). Bircə, qadam, buyur görüm, bu yetimin sahibi sənsən, yoxsa bunun yüz darğası var? Səlman bəy. Mənəm!.. Sonra? Çiçək xanım. Əgər bunun sahibi sənsən, bu evdən niyə qovurlar?.. Bu bədbəxtin qızı niyə bu günə düşübdü? Bir dərisi qalıb, bir sümüyü. Səlman bəy. Səlbnaz, belə dur, bircə mənə de görüm bu nə işdi? Səlbnaz xanım. Vallah, billah, qardaşlarım ölsün ki, heç zad. Sən gedəndən sonra Fatma xanıma çay verdim, stəkanı vurdu yerə, sındırdı; deyir mən bu gecə ölürdüm, mənə baxan olmadı. Fatma xanım. Gör, ləçərin yalanına bax, a qız, sən deyildin mənim atamı-anamı qəbirdən çıxardan? Səlbnaz xanım. Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə. Səlman bəy. Gədəni kim qovdu? Səlbnaz xanım. Özü... Gədə gəldi ki, xanım, nahara nə qayırım? Dedi ki, zəhər, zəhirmar! Get də, kafir oğlu, yoxsa bağrım çatdar. Fatma xanım. A qız, sən öyrətmədin gədəni ki, mənə xoruzbeçə desin, a səni görüm dilik-dilik olasan?! Çiçək xanım. Dilik-dilik özün olasan, tamam övlad əcdad-bə-əcdadın olsun! Bu yetim yazıq deyil! Fatma xanım. Səlman, eşidirsənmi, a binamus? Mənim axır qazancım budurmu? Səlman bəy. Arvadın dilini Allah da bilməz, genə işlərin başı sənsən. Fatma xanım. Mənmi, mənmi? Odu ki, yıxmısan mənim də evimi, öz evini də a biçarə! Bircə bu Çiçək xanımdan soruş görək, mənim təqsirim nə idi ki, basdılar məni döydülər, sənin ananı? Səni mən doğmuşam, a südüm gözünə dursun! Çiçək xanım. Səni, balam, Əzrayıl döysün. Fatma xala, səni döymək olu? Səlman bəy. Sənin özün də heç Fatma xaladan geri qalmazsan, qorxma. Çiçək xanım. İndi, qadam, Allah sizdən razı olsun. Çünki belədi, bizi rədd elə gedək. Fatma xanım. Siz gedəndə dağlar qara geyəcək? Oy, amandı, getməyin, yoxsa dünya bərbad olu... Səlbnaz xanım. Mən daş daşımağa razıyam, sən ilə bir dəqiqə oturmağa razı deyiləm. Fatma xanım. Sizin xahişiniz mənim əlimdən oğlumu almaqdı, o sizin xam xəyalınızdı. Çiçək xanım. Bu sənin oğlun, o da sən! Allah vara əl-ayağını dürt gözünə. Fatma xanım. Səlman, eşidirsənmi?.. Allah, mənim Səlman adlı oğlum ölsün, oğulsuz qalım!.. Səlbnaz xanım. Mən səndən bircə belə də narazı deyiləm, Allah səndən razı olsun. Məni çevir öz başına, itiyin başına, ya məni rədd elə gedim, ya da ki, mən bu tövr dolana bilmərəm... Dava bir gün olu, iki gün olu, beş gün olu, ayların qırğınına dözmək olmaz; daha mən az qalıbdı sill azarına düşüm. Səlman bəy. Sənin dərdin bir isə, balam, mənim dərdimin hesabı yoxdu; nə eləyim, qalmışam naçar. Fatma xanım. Görünür ki, mənəm sizin bədbəxtliyinizə səbəb. Neynək, mən gedərəm, sən ol, Səlbnaz xanım olsun. Çiçək xanım ələlxüsus... Burada mırt vurun! (Oynayır.) Oğluma bax, oğluma! Allah, yarıdıq yaza çıxdıq. Sənin kimi oğlun əvəzində bir kor qız çox yaxşıdı! Səlman bəy. Bayaqdan başını tərpədə bilmirdin, indi ləzgihəngi vurursan! Mən də gərək ac-susuz bu hədyana qulaq asam. Fatma xanım. Sən kişi deyilsən, belə sənə bu da azdı. Başına hamam fitəsi sənin kimi kişinin! Çiçək xanım. A qız, dediyin nədi, balam? Hələ bizə bu azdı, istəyirsən ki, burada döyülək, gedək? Gör biiman nə danışır, a başınıza dönüm! Fatma xanım. Biiman sənsən, atandı, anandı, cəddi babandı! Cürətinə bax, cürətinə! (Səlmana.) Sənin kimi oğulun paltarın töküm, üstə şaxseyin təpim, şamını, şaxını qara boyuyum. Səlbnaz xanım. Bu ölsün, sən qal qurdnan qiyamətə. Sənsiz ölkə dolanmaz. Gör dilinə nə tövr gəlir kaftarın. Fatma xanım (qalxır ayağa). Dəxi bəsdi!.. Səlman, bu saat bıçağı soxaram ürəyimin başına, özümü öldürrəm! Mən Fatma olam, axırı mənim başıma sən bu müsibəti gətirəsən? Sərikin burdan, sərikin burdan, mirqdanın balaları!.. Bu saat hirsimdən para-para ollam, dağıllam! Səlbnaz xanım. Ana, sənə qurban olum, gedək, gedək. Yoxsa bu saat it kimi qudurar. Səlman bəy. Bu ev cin-şəyatin ocağıdı, baş götürüb gedən canı qurtarı. (Tez çıxır.) Fatma xanım (süpürgəni götürüb). Sizə demirəm gedin? Sizə demirəm gedin, a ev dağıdanlar? (Süpürgə ilə vurur, gedirlər.) Pərdə * * * Üçüncü məclis Səlman bəy (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar... Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana... İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu... (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.) Şamama xanım (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.) Səlman bəy. Nə qayırırsan? Nə qayırırsan? Ağlama, ayağa dur, görüm nə var? Şamama durur. Səttar bəy. Əmi oğlu, bağışla, gəlmişik sənə zəhmət verməyə, adamımız yoxdu dərdi ona açaq... İkimiz də səndən təvəqqe edirik bizim tərəfimizdən vəkil olub, bunun kəbinin geri oxudasan, çünki dolana bilmirik. Şamama xanım. Bizi rədd elə, ayaqlarına qurban olum. Elə bil ki, bir əsir qul azad elədin. Səlman bəy (kənara). Həmdərdlərim tapılıb. Səttar bəy. Bu gün bazar günüdür, bilirəm asudəsən. Elə olsun ki, bu gün tamam olsun. Səlman bəy. Balam, sizə nə olubdu, dəli olmamısınız ki? Camaat nə deyər? Əstəğfürullah eləyin, gedin işinizin dalıncan, bəs o biçarə tifillər necə olacaqlar? Şamama xanım. Mən bunun evində oldum-olmadım, tifillərdən ötrü hamısı birdi. Çünki, qardaş, qoymurlar bir gün rahat evimizdə oturaq. Səlman bəy. Sizin ki, qayınananız yoxdu, kimdi sizi incidən? Şamama xanım. Belə bu bəyin bacıları! Gündə biri gəlir, ana, bizim qardaşımızı lüt qoydun, ana, bu evi niyə dağıdırsan?.. Ləçər, ona-buna yedirdiyin bir deyil, iki deyil. Başına dönüm, hansına cavab verim? Mənim sahibim də onlara dinə bilmir. Səttar bəy. Qardaş, doğrusu budu ki, bir onlar deyəndə, beşini bu deyir... Ondan sonra peşman oluram. Evə gəlirəm, tutur mənim yaxamdan, ata qalmır, ana qalmır, yalvarırsan səsin kəsmir, döyürsən dəxi hədyan eləyir. Bacılarım bihəyadı, şək yox... Bu onlardan bir az artıq. Qardaş, doğrusu ki, təngə gəlmişəm. Deyəsən ki, bir gün, bir saat, ya bir dəqiqə məndə rahatlıq var, əstəğfürullah! Şamama xanım. Onların hərəsinin öz evi var, getsinlər öz evlərində darğalıq eləsinlər, dəxi məndən nə istəyirlər? Səttar bəy. Buna məsləhət görürlər ki, bacım, ağ günün qara günü də var... Olub qalanını dağıtma... Bu gör necə höcətdir ki, onların acığına qızıllarını satıb, daha da artıq tələfxərclik edir. Şamama xanım. Satanda sənin malını satmıram. Öz atamın evindən gətirdiyim şeydi, nə billəm, elə elərəm. Səlman bəy. Xeyr, bu işlər nahaqdır, sənin oldu, bunun oldu, hamısı birdir, höcətlik bir zad deyil. Şamama xanım. Doğrusu budur ki, bunun bacıları mənə iynə batıranda, mən buna şiş batıracağam. Kefinə baxsın. Onlar o qədər pis-pis sözlər mənim haqqımda deyiblər ki, mən ölənəcən onlarnan varam. Səttar bəy. Bunlar hamısı nahaq danışıqdı. Dahı danışıqdan keçibdi. Mənim ki, atama, anama gündə min kərə üzümə qarşı söyəcək, mən doğrusu buna dəxi dözə bilmirəm. Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir yerdə dilinə yiyəlik eləmir. Səlman bəy. Bizim evin əhvalatın sən haradan bilirsən? Səttar bəy. Heç, rəhmətliyin oğlu, tamam bazar danışır. Fatma xanım, deyib, ağlaşmada öz gününə ağlayıb. Sən nə danışırsan? Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saç-birçək dalaşıblar, camaat yığılıb gücnən ayırıblar. Səlman bəy. Balam, sən də mən günlü, mən də sən günlü, sabah ertə həmdərdlilər cəmləşib. Şamama xanım. Səlman bəy, atam, anam sənə qurban! Gün günorta oldu, əgər zəhməti qəbul eləyirsən, durmaq yeri deyil. Səlman bəy (Səttar bəyi kənara çəkir). Ölmək ölməkdi, xırıldamaq dahı nə lazım?.. Əkilək. Səttar bəy. Sən öl, bu saat hazıram. Səlman bəy. Ya Əli, məded – deyib dabanımıza tüpürək, hər nə ola, ola. Səttar bəy. Hara? Səlman bəy. Tanrı böyük, altı gen. Səttar bəy. Əl ver. Səlman bəy. Buyur. Şamama xanım. Əgər siz istəmirsiz, mən bu saat özüm gedim qazıxanaya. Səlman bəy. Bu saat gedirik sizin işinizi tamam etməyə, arxayın olun. (O biri otaqdan bir yapıncı çıxardıb bürünüb tələsik çıxırlar.) Səttar bəy (qapını daldan bağlayıb). Şamama xanım, gözün aydın olsun, gedirik, axtarsanız bizi taparsınız Sibirdə, Sibirdə Sibirdə... (Şamama xanım yüyürüb istəyir qapını açsın, aça bilməyir.) Şamama xanım. Səttar, Səttar, bircə geri qayıt! Səttar, aman günüdür, Səttar!.. Səttar, getmə. Səttar, balalarını kimə tapşırıb gedirsən? Səttar, qurbanın olum, getmə, qələt eləmişəm... (Geri qayıdır.) – Allah, bu nə işdi mən düşdüm, öz əlimdən öz evimi tar-mar elədim. Mən o iki tifilləri nə tövr saxlayacağam? (Ağlayıb yıxılır.) Fatma xanım daxil olur. Fatma xanım (baxıb). Şamama, niyə belə eyləyirsən?.. Şamama! Şamama! (Tez su gətirir.) Şamama xanım (ayılıb). Getdilər, getdilər. Fatma xanım. Bircə özünü düzəlt, ala su iç... Genə... genə Şamama xanım. Getdilər, getdilər. Fatma xanım. Kim, getdilər? Şamama xanım. Getdilər, getdilər. Aman Allah, getdilər, su, su, su! (Fatma xanım su verir.) Fatma xanım. Yasar olma, özünü düzəlt! Şamama xanım. Səlman, Səttar... Fatma xanım. Səlman, Səttar getdilər? (Şamama işarə ilə deyir “bəli”.) Fatma xanım. A qız, məni qorxutma, bircə ağıllı de görüm nə oldu? Şamama xanım. Səlman, Səttar qaçdılar Sibirə. Fatma xanım. Ha vaxt getdilər, başına dönüm? Şamama xanım. Elə bu saat. Fatma xanım. Vay, evim yıxıldı. (Yıxılır.) Çiçək xanım və Səlbnaz xanım daxil olurlar. Çiçək xanım. Bu nədi, Şamama xanım, niyə ağlayırsan? Şamama xanım. Evim yıxılıb, başına dönüm, evim tar-mar olub, qurbanın olum! Çiçək xanım. Nə olubdu, bircə özünü toxtat, de görüm nə olub? Şamama xanım. Səlman, Səttar qaçdılar Sibirə... Səlbnaz xanım oturur, əlləri ilə üzünü örtür. Çiçək xanım. A Fatma xanım, dincəldinmi? Nasın, pasın yatdımı? Fatma xanım. Sənin qızın bu evə gələn günə daş düşəydi! Səlbnaz xanım. Ana, durmaq yeri deyil, qaçaq divan qapısına. Şamama, Çiçək xanım və Səlbnaz tez çıxırlar. Çiçək xanım. Gəlin, yazıq balalarım. Fatma xanım. Yüyürün, başınıza dönüm, yüyürün, ayaqlarınıza qurban olum... Vay, vay, oğulsuz qalan canım vay... Pərdə * * * == Adı var, özü yox == Adı var, özü yox (Komediya) Əhli-məclis Cənnətəli ağa – böyük mülkədar, əlli iki yaşında, qırmızı saqqal Xanpərvər bəyim – onun tənumənd övrəti, qırx yaşında Heydərqulu ağa – onların oğlu, on səkkiz yaşında Püstəbanu bəyim – on dörd yaşında, onların qızı Allahqulu – ev qulluqçuları Şahqulu – ev qulluqçuları Səfiqulu – ev qulluqçuları Güləndam – ev nökərləri Telli – ev nökərləri Mirzə Əsgər Usta Məhəmmədəli – bənna Kərbəlayı Məhəmmədvəli – yalançı, gopçu, Cənnətəli ağanın rəiyyətlərindən biri * * * Əvvəlinci məclis Vaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır. Cənnətəli ağa (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı... İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı. Mirzə Əsgər. Ağa! Niyə Hacı Mehdidən götürmürsünüz? Onun ki yaxşı əla hənası var, o gün mən də almışdım. Cənnətəli ağa. Yalansa, onun getdiyi həcc ona qənim olsun. O, elə yalandan, tülkü-tülkü danışmağı bilir. Xanpərvər bəyim. Allah töksün sənin saqqalını!.. O da bizə bir qəhr-qəzəb olub... Vallah, dəxi qulluqçular da təngə gəlib. Cənnətəli ağa. Vallah, çox acığımı tutdurarsan, atamın ərvahına, dəlləyi çağırdıb dibindən qırxdırram. Xanpərvər bəyim. Gözəl ağa çox gözəldi, vurdu çiçək çıxartdı. Otur yerində. Allahı sevirsən, özünü rüsvay eləmə, görən gülsün... Cənnətəli ağa. Mənə də Cənnətəli ağa deyərlər... Mənim Araz aşığımdandır, Kür topuğumdan... Hər kim nə deyəcəksə, qoy desin... Mən elə sözləri ürəyimə salsaydım, çoxdan sümüyüm çürümüşdü. Mirzə Əsgər. Xeyr, ağa, yaxşı iş deyil... Nə lazım?.. Saqqal deyəndə, kişinin abrusudur və üzünün nurudur... Cənnətəli ağa. Dünya beş gündür, beşi də qara... Vallah, Xanpərvərin acığına saqqalımı qırxdırıb bir göyçək də qız alacağam: topuğu tüklü, on dörd yaşında... xa, xa, xa... Xanpərvər bəyim. Çox əcəb olur, biz də toyunda oynarıq... Allahqulu, bir qəlyan gətir... Ağa yenə eşqə düşüb... ağzında bir dişi yox, məndən beş-betər... Ağrım o qızın ürəyinə ki, sənin kimi dişi düşüyə gedər. (Allahqulu gedir qəlyan gətirməyə.) Cənnətəli ağa. Ağzımda dişim yoxsa da, at belinə minib quş ovlayanda gəl tamaşa elə də!.. Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə, tərlan boylarında elə bil ki, bir laçın oğlan oluram... Tərlan kəkliyi qovur, atı üzəngiləyirsən, Pəh! Pəh! Pəh! Ləzzət, nə ləzzət! Mirzə Əsgər. Bəli, deyirlər ov çox şirin olur. Cənnətəli ağa. Ancaq atın saz ola, tulaların cins, əlində tərlan... Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan verəsən. Ələlxüsus “Kaşdan”, “Mundir”. Əvəzləri yoxdur... Atamın ərvahına, birin yüz manata vermərəm. Xanpərvər bəyim. Allah qırsın, yalan isə onları... evdə, eşikdə istirahət qoymurlar. Hər yeri murdarlayırlar. Cənnətəli ağa. Zər qədrin zərgər bilər. Sən nə bilirsən onların qədr-qiymətini. (Güləndam əlində bir cam, Allahqulu əlində qəlyan daxil olurlar. Allahqulu əvvəl qəlyanı özü çəkir, tüstüsünü çıxardır, sonra dizi üstə çöküb, verir Xanpərvər bəyimə.) Güləndam. Ağa, həna hazırdır. Əgər istəyirsən, yaxım saqqaluva. Cənnətəli ağa. Yaxşı olar, ay qız, gətir görək. Xanpərvər bəyim. Ay başınıza dönüm, görün heç bu vaxt həna vaxtıdırmı? Apar, ay qız, dəli olmamısan ha. Görmürsən Mirzə oturubdur? Cənnətəli ağa. Mirzə özgəsi deyil... İndi yaxanda nə olar. Bəri gətir, ay qız, onun sözünə qulaq asma. Mirzə Əsgər. Əlbəttə, mən də sizin nökərlərin birisiyəm... Yad deyiləm. (Allahqulu qəlyanı alıb, tüstüsünü çıxardıb, bir də haman qərar ilə verir.) Xanpərvər bəyim. A kişi, bəlkə bir yad qonaq gəldi, onda necə olsun?.. Cənnətəli ağa. Necə olacaq? Məni də ha yeməyəcəkdir? Gəlir, gəlsin, otursun orada, tamaşa eləsin saqqalıma necə həna qoydururam. Qiyamət ha qopmur, adam ha öldürmürəm? Xanpərvər bəyim (kənara). Ağrım sənin höcət ürəyinə! (Allahqulu qəlyanı aparıb, yenə gəlir.) Güləndam dizi üstə oturub, başlayır həna qoymağa. Cənnətəli ağa. Ay qız, nə qayırırsan? Ay qancıq, saqqalımı tamam yoldun. Xanpərvər bəyim. Elə yerində yolur... Ay qız, yaxşı eləyirsən, dibindən qopart. Güləndam (Bəyimə). Neyləyim? Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb, barmaqlarım ilişir. Mən başıma nə kül töküm? Cənnətəli ağa. Yavaş, yavaş! Qəsdənmi yolursan saqqalımı, qancıq, sözbir eləyib? Güləndam (kənara). Dişim bağırsağımı qırır, cana doymuşam, mürdəşir yusun saqqaluvu! Xanpərvər bəyim. Sən atanın goru qırxdır saqqalını, bir topuğu tüklü də qız al, rədd ol başımızdan. Dəxi biz təng gəldik. Səfiqulu (daxil olub hövlnak). Ağa, başına dönüm, bir böyük bədbəxtlik üz veribdir axı!.. Cənnətəli ağa. Ay qız, dayan görüm! Nədir, ay gədə, nə olub? Səfiqulu. Nə bilim, ay başına dönüm... Qara köpək, quduz dəymiş, o axdarma motalı yeyib, lap tərk eləyibdir. Bizim də xəbərimiz olmayıb. Cənnətəli ağa. Belə quduz dəysin ona ha... Sizin də boynunuz sınsın ha... Sizi yox olasız! Səfiqulu. Qapını açıq qoyublar. Açıq qaba da it dəyər. Nə bilim ay başuna dönüm, işdir olubdur. Cənnətəli ağa. Qoy bir həna qurtarsın... Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir tələsmə. Səfiqulu. Sənin çörəyin gözümə dursun ki, mən qapını örtmüşdüm, sonra bilməyib açıblar. İndi mən neyləyim, ağa, başuna dönüm? Qəza işidir, olubdur. Cənnətəli ağa. Necə qəza işidir? Vələdüzzina, xətakun! Səfiqulu. Motal yenə yola gedər. Quduz dəymiş iki dəri yağı da elə yeyib ki, bir xəşillik ancaq qalıbdır. Cənnətəli ağa. Bəs bu nədəndir, vələdüzzina? Bu da qəzadandır? Səfiqulu. Ağa, bəs nədəndir? Əlbət olacağa çarə yoxdur... Cənnətəli ağa. Belə olanda qara köpək məni də yesə, o da olacaqdır qəzadan? Kafir oğlu kafir! Səfiqulu. Mən neyləyim, mən başıma nə daş salım, başuna dönüm?.. Bir belə ziyanlığı görəndə vallah istədim o saat qara köpəyi tüfənginən vurum öldürüm. Cənnətəli ağa. Qara köpəyi sənin kimi yüz nökərə vermərəm, çölə çıx axmaq. Bir durum, gör sənin başına nə iş gətirəcəyəm, ölənəcən dadı damağından getməsin. Səfiqulu (gedə-gedə). Ev ev deyil ki! Mən başıma nə kül töküm?.. Cənnətəli ağa. Mirzə, ölmüşünü görüm, bu evdə üç-dörd qulluqçu var, beş-altı nökər, amma onunla belə genə bir belə binizam ev heç olmaz. Xanpərvər bəyim. Allahqulu! Bir qəlyan gətir. Bilirsən ona səbəb nədir? Ona səbəb odur ki, külfət böyükdür... Bax, bir arvad qənd doğrayır, birisi ev süpürür, birisi də qab-qaşığı yuyur, paltar yuyur, o biri də sənin saqqalına gündə, günaşırı həna qoyur, evi yığışdırır, nökərlər də onu kimi. Mirzə Əsgər. Bəyim doğru deyir. Sizin evin büsatı heç yerdə yoxdur. Mən belə evlər bilirəm ki, sabahdan bir qoyun kəsiblər, axşama bir tikə əti də qalmayıbdır. Cənnətəli ağa. Mirzə, görəsən şəriətə görə o qalan yağı yemək olarmı? Mirzə Əsgər. Xeyr, ağa, yemək olmaz. Çünki it özü murdardır və həm də ağzı nəcasata dəyir, ona görə yağı işlətmək caiz deyil. Cənnətəli ağa. Baxırsanmı? Ha sizin boynunuz sınsın!.. Ay sizi yerə girəsiz! Bir naxır nökərin birisinin ağlına gəlmir ki, qapını açıq qoymaq olmaz. Qapıda yeddi-səkkiz it var... Belə də ziyanlıq olarmı? Xanpərvər bəyim də əlin ağdan-qaraya vurmur. Deyir gərək müdam yeddi qat üstən tərpənmiyəm. Xanpərvər bəyim. Bıy, bu nə deyir, ay qız? Elə o qalmışdı... Mənim atam evində, babam evində belə işlərə bizlərdən qarışan olubdur ki, indi mən də qarışım... Nə danışırsan, dəli ha olmamısan, ay kişi? Şahqulu (daxil olub). Ay başınıza dönüm, mənim taxsırım nədir ki, Heydərqulu ağa məni bu günə salıbdır? Cənnətəli ağa. Sən nə deyirsən, ay gədə, dəxi nə var? Şahqulu. Nə deyəcəyəm? Heydərqulu ağa başıma bir yumruq vurdu ki, budur ha başım şişib, qarpıza dönübdür!.. Cənnətəli ağa. Nə ilən vurdu, ay gədə? Şahqulu. Yumruq ilən. Cənnətəli ağa. Maşallah de, ay gədə! Maşallah! Ot kökü üstə bitər. Mən ölüm, namxuda deyin, namxuda! Ay gədə, elə bircə yumruq vurdu? Şahqulu. Gədənin atasının evini Allah yıxsın. Birini vurmayanda beşin ha vurmadı! Xanpərvər bəyim. Mirzə, sənin canuna, Heydərquluda pələng gücü var... Bir belə zad heç görünməyibdir. Mirzə Əsgər. Ağa! Barı oxumağı necədir? Bu zamanda oxumaq çox yaxşı şeydir. Cənnətəli ağa. Sənin canın üçün, Mirzə, nə qədər əlləşdim, oxumadı... Əvvəl qoydum məktəbxanaya, üç gündən sonra qaçdı, dedi ki, oxumaram... Dinmədim... Ondan qoydum uşkola. (Güləndama) Ay qız qurtardın? Di dur, buradan rədd ol! (Güləndam gedir.) Özüm getdim direxturun yanına, hələ bir at da vədə elədim... Oxumadı. Bir həftədən sonra qaçdı getdi qırğı ovlamağa. Xülasə, çox zəhmət çəkdim, amma çifayda oxumadı. (Allahqulu qəlyanı gətirib haman qərar ilə verir.) Xanpərvər bəyim. Cancığazı sağ olsun, oxumaq niyə gərəkdir? O qədər mülk onun var, babasına bəsdir. Mirzə Əsgər. Bəli, bəyim, doğru buyurursuz! Odur, bax, Əhməd yüzbaşının oğlu... Saf içəridə oxuyub qurtarıbdır; amma çifayda bir zad vermirlər, bikar-bikar gəzir. Şahqulu. Mənə bir deyən gərək sən niyə burada durmusan, barı get başuna təpitmə qoy... Cənnətəli ağa. Səni nə üstə vurdu, ay gədə? Şahqulu. Dedi ki, gərək qara köpəyin ağzını yalayasan, o quduz dəymiş də yanına gedəndə mır-mır mırıldayır... Cənnətəli ağa. Xa, xa, xa!.. Xalis öz dədəsidir ki, durubdur... Mən özüm də çox elə pəstahlar kök eləmişəm. Allah qoysa, Mirzə, bir gün sənə nağıl elərəm. Bir kağız gətirənin kağızını necə özünə çeynətdirib uddurtdum. Getsin xəbər aparsın. Gülməkdən qəşş elərsən... Görək bir az kağız tapılarmı saqqalıma qoyum? Xanpərvər bəyim. Yazı bilənimiz kimdir ki, evdə də kağız ola? (Cənnətəli ağa saqqalın kağızlayır, bu halda qapıda qaval səsi gəlir.) Cənnətəli ağa. Saqqala qoz yarpağı yaxşı olur. Səfiqulu (daxil olur). Ağa, meymun oynadan gəlibdir. (Əhli məclis tamaşa üçün dururlar qapıya və pəncərələrə.) Meymun oynadan. Bala, bala, balambar... (Qaval vurulur, meymun oynayır.) Cənnətəli ağa. Ha bərəkallah! Ha bərəkallah! Odu ha, odu! Xa, xa, xa! Odu ha, odu! Xa, xa, xa. Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Allahqulu, Şahqulu ayaq üstə söhbət edirlər. Şahqulu. Allahqulu dayı, sən öləsən, meyitini görüm, qara köpək dərinin üstündən azacıq yırtmışdı, yağı elə xakriz elədik ki, kefin gələ... İndi Şahqulu, vur ki, bacının toyudur. Düyü əldə, yağ əldə, ağaları ver yuxuya, döşən pilov üstə... Allahqulu. Bu evdə it yeyəsini tanımır, nə vecinizə, kef aparın, Allah sizə baxıbdır. Şahqulu. Allahqulu dayı, mən ölüm acığın tutmasın, sənin özünün kefi heç padşahda da yoxdur. Xanpərvər bəyimin sənə o qədər şəfaəti var, demək olar, sən süd gölündə üzürsən. Allahqulu. Nə yava söyləyirsən, ay gədə? Başına at təpibdir, nədir? Heç qanırsanmı nə deyirsən? Bir elə qələt elə ki, atan-baban duzun dadmış olalar. Şahqulu. Sən öləsən, meyitini görüm, Allahqulu dayı, heç o yan-bu yan eləmə. Bax, bu gözlərimlə görmüşəm... Amma, sən öləsən, heç kimə demərəm. Allahqulu. Sarsaq oğlu sarsaq, nə danışırsan? Ağzını qulağının dibinəcən cıraram, axmaq oğlu axmaq!.. Şahqulu. Meyitini görüm, mən heç sarsaq deyiləm... Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan? Allahqulu. Veyil oğlu veyil! Mən də deyirəm bəs nə deyir... Belə qəlyan istəyir, qəlyan aparıram. Deyir ayağımı ov, ayağını ovuram... Deyir quluncumu sındır, quluncun sındırıram. Bundan nə çıxar? Şahqulu. Allah atana rəhmət eləsin! Dəxi bundan artıq nə istəyirsən?.. Allahqulu. Gələn var, ay gədə, səsini kəs. Allahı sevirsən bizi nahaq qana çalxama! (Səfiqulu qaçaraq otağa daxil olur, dalınca da Güləndam ona bir bərk yumruq vurur.) Güləndam. Ay mürtəd oğlu mürtəd! Adamı da elə çimdiklərlərmi? Yandım töküldüm, ətim kömür kimi qaralıbdır. Şahqulu. Ay Səfiqulu dayı! Doğru deyir dayna! Niyə elə üsulluca çimdikləmirsən ki, özünün də xoşuna gələ? (Gülüş) Güləndam. Ağrım hamınızın ürəyinə! Azğın uşaqları azğın! (Gülüş) Səfiqulu. Artıq danışsan, vallah səndən dişdək allam ki, saf ürəyin gedər, qəşş elərsən. Güləndam. Yavaş, boğazında qalar. Kül başına! Səfiqulu. Mən ölüm, uşaqlar qoymayın! Şahqulu, tut, qoyma! Allahqulu, o yandan gəl! Güləndam. Mürdəşir yusun üzünüzü, murdar uşaqları! (Qaçır.) Allahqulu. Ay uşaqlar, birdən gedər deyər, vallah, Cənnətəli ağa dərinizə saman təpər, farağat oturun. Şahqulu. Xasiyyətinə bələdəm, qorxma deməz. Sən öləsən, özünün ürəyindəndir... Siz öləsiz, özü məni gündə min qapazlayır. Qızlar da qoşulurlar ona. Sən öləsən, mənə qapaz, yumruq. Mən də, sən öləsən, meyitini görüm (uzada-uzada) həllənirəm, həllənirəm... Xülasə, qardaş, bu evə Allah min bərəkət versin, hamının kefi kökdür. Heydərqulu ağa (o biri otaqdan). A gədələr! Şahqulu! Allahqulu! Ay murdar uşaqları, sizi çağırmıram? Biriniz bura gəlsənizmi! Şahqulu. Hər kim qapaz yemək istəyir, buyursun! Mən qələt elərəm, getmərəm. (Qaçır.) Səfiqulu. Ay gədə, Şahqulu! Ağa səni çağırır, hara qaçırsan? (Bunlar da qaçırlar.) Telli (daxil olub). Sənə qurban olum, ay Allah! Səni and verirəm öz birliyin hörmətinə, məni bu evdən tez xilas elə! Yoxsa canım boğazıma yığılıbdır, dəxi dözə bilmirəm... Bir yandan ömrü gödəlmiş Heydərqulu ağa mənə göz verir, işıq vermir, elə fikrə düşür, elə qələt eləyir ki, it yesə gözü ağarar... Bəyimlər də biri deyir corabımı çıxart, birisi də papiros gətir, od gətir, gör saqqızım hardadır... Özləri yerlərindən tərpənməzlər. Bilmirsən hara gedəsən... Heydərqulu ağa (daxil olub). Yaxşı düşmüsən əlimə, dovşan çomağa rast gələn kimi... Dünəncə məni niyə söyürdün?.. İndi necəsən? Telli. Sürün cəhənnəmə! Min yol sənə demişəm mənə sürtüşmə, xeyir aparmazsan. Vallah, qarnına bir bıçaq soxaram ki, bağırsağın ayağına dolaşar... Bihəya oğlu bihəya! Heydərqulu ağa. Adın nədir Daşdəmir, yumşalısan, yumşalı... Telli. Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. Heydərqulu ağa. Vallah əlimdən qurtara bilməyəcəksən... Nahaq yerə məni əzaba salma. Telli. Ağlın özününkülərə getməsin... Bu bıçağı görürsənmi? Yaxşı olar ki, məndən əl çəkəsən... Dünən də atan, saqqalından utanmayır, əlimi sıxır... Yox bu xalq özünü çöldə qoyubdur... Kökünüz kəsilsin. (Gedir.) Heydərqulu ağa. Görək Telli! Qalsın səninkilə mənimki. (Gedir o biri otağa. Püstəbanu bəyim tələsik yüyürür pəncərə tərəfə, dişində papiros.) Püstəbanu bəyim. Güləndam, Güləndam, bir tez gəl! Tez ha, Güləndam, getdi, gəl! (Oxuyur.) Getmə, qurbanın olum... Güləndam. Kimdir, xanım, kimdir? Hanı, necə oldu? Püstəbanu bəyim. Belə Yusif bəydir, Cavad bəyin oğlu. Güləndam. Zalım oğlu zalım, xalis Yusifdir... Allah saxlasın gözdən-nəzərdən... Ay kafir oğlu, bir bəri bax, dayna!.. Püstəbanu bəyim. Bilsə ki, baxan var, gözün buradan kəsməz... Xa, xa, xa! (Yalandan gülür.) İndi getməzsən. Güləndam. Bax! Bax! Bax! Tərlanım... Bax, qızlar səni yesinlər! Püstəbanu bəyim. Zalım oğlunun gərdəni bir qarışdır... Yerişinə bax! Səkir... Quş kimi səkir kafir oğlu. Güləndam. Ayağında çəkmə, arxalıq da məxmər... Bax, indi də papağın əyri qoydu. Püstəbanu bəyim. Hələ çox büsat düzəldəcəkdir lotu... Deyəsən gələn var. (Gedir, oxuyur.) “Getmə, yesirin oldum”. Şahqulu (daxil olub). Gördünüzmü Yusif bəyi? Gördüz necə gözəldir?.. Havaxt məni görəndə deyir: a kafir oğlu, mürtəd oğlu, bəyimin kefi necədir? Püstəbanu bəyim. Yəni məni də soruşur? A səni yesinlər, Şahqulu! Göyçəkdirmi? Uzaqdan çox gözəl görünür. Şahqulu. Yaxından baxanda ki, sağ adam valeh olur... Allah bir xeyir iş düzəldə idi, nə oynardım, nə oynardım!.. Püstəbanu bəyim. Nə cür oynardın, a gədə?.. Elə indi bu saat oyna görüm... Mən ölüm başla... hm, tez! Güləndam. Qara geyəsən, oynasana!.. Hə, durma, başla görək. Püstəbanu bəyim. Sən Yusif bəyin ölmüşü oyna!.. Şahqulu. Yusif bəy ölüncə, qoy dünya-aləm dağılsın... Siz çalın, mən də oynuyum. Püstəbanu bəyim (pəncərə taxtasında ləzginka çalır). Güləndam, əl vur! Ha qoçaq, ha qoçaq. Bərəkallah, afərin, Güləndam, yeri di, qoyma! (Şahqulunu qapazlayır.) Şahqulu. Vurun, sizə qurban olum! Vurun, əzizlərim, sizə qurban!.. Dəxi bəsdir! Dəxi bəsdir, başınıza dönüm, öldüm axı... Bəsdir, vallah, dişlərəm. Püstəbanu bəyim. Ağzına bax qoduğun! Gör nə deyir: dişlərəm! Güləndam, yeri di! (Şahqulu qaçır, qızlar gülüşürlər.) Xa, xa, xa... (Gedirlər o biri otağa, o yandakı otaqdan Cənnətəli ağanın səsi gəlir.) Cənnətəli ağa. Nə var, a gədə? Genə nə olubdur? Bəri gəl görüm! Niyə qaçırsan? Cənnətəli ağa, Kərbəlayı Məhəmmədvəli və Şahqulu daxil olurlar. Şahqulu. Ağa, başına dönüm, hansı otağa girirəm məni qapazlayırlar. Canımın dərdindən bir yerdə dura bilmirəm. canım cəhənnəmə, papağımın şiltiyin atıbdırlar. Cənnətəli ağa (oturub). Qırışmal oğlu, nadürüstlük sənin özündəndir. Papağın yırtılar birini də allam. Get, böyük ağaya ərz elə ki, Kərbəlayı Məhəmmədvəli gəlibdir. (Gədə gedir.) Kərbəlayı, indi söylə görüm kənddə nə var, nə yox? Kərbəlayı Məhəmmədvəli (yanında xurcun, içində bir kəllə qənd, bir sərnic qatıq). Ağa, başına dönüm, sənin ki, adın bizim üstümüzdədir, şükür Allaha, kefimiz çox kökdür. Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin. Cənnətəli ağa. Olsun, olsun... Söylə görüm, dəxi nə var, nə yox, özün necə dolanırsan? Kərbəlayı Məhəmmədvəli. Ağa, dövlətindən kefim çox kökdür. Ancaq bu qış səkkiz gamuşum, on dörd inəyim, xırda-paradan başqa, tələf olubdur. Cənnətəli ağa. Paho, nə böyük ziyanlıq olubdur! Kərbəlayı Məhəmmədvəli. Ağa, dövlətindən qalanı da çoxdur... Mən bura gələndə qulluqçunuz bir az tədarük görmüşdü, ancaq bir elə qəza üz verdi ki, hamısını gətirə bilmədim. Yolda düşdüm Səmədbəygilə. Orada sənin dövlətindən mənə çox hörmət elədilər... Səfiqulu ağa da orada idi. Dedi ki, Kərbəlayı, gərək oturub mənim ilən bir yerdə çörək yeyəsən. Dedim, ay ağa, necə ola bilər? Mən elə qələt eləyə bilmərəm... Olmadı, oturdular, bir az çörək yedik. Sonra durdum ki, yola düşüm, gördüm sovqatımın çoxu gedibdir. Bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi. Qalanı bir sərnic qatıq oldu, heç açıb ağarda da bilmədim. Əlim boş olmamaqdan ötrü burada bir kəllə qənd alıb gətirdim. Cənnətəli ağa. Dəxi nə var, nə yox? Kərbəlayı Məhəmmədvəli. Dəxi sağlığınız, nə var ki. Bir də, ağa, qubernator camaatdan ağsaqqal istəmişdi. Bir on nəfər cəm elədim, getdik... Buyurdu niyə dinc oturmursunuz, oğurluq eləyirsiz? Bilirsizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin? Ondan ötrü ki, onun arvad-uşağı yasavullar və kazak əlində yesir kimi həlaka gələr... Çox söylədi... Burada mən nə cür danışdımsa, dürüst yadımda deyil, amma onun elə xoşuna gəldi ki, oradan buyurdu mənə bir midal gəlsin nəlbəki böyüklüyündə. Cənnətəli ağa. Paho! Kərbəlayı, hər sözün doğru isə, amma burada çox artırdın. Onun üçün ki, nəlbəki böyüklüyündə midal olmaz; o böyüklüyündə yasavul nişanı olar. Kərbəlayı Məhəmmədvəli. Başın üçün elə idi ağa! O günü də bir əhvalat oldu. Sarı Əhməd bəhrənin üstə bir az artıq-əskik danışdı. Üstümdə yaraq yox, elə əlimə bir paya keçdi. Bir balaca qulunuz da var, elə onu gördüm ki, Əhmədi bayaq alıb altına... İndi o, başı qanlı şikayətə gedibdir. Dövlətindən, heç zad bacara bilməz... Nə qədər canımda can var oğlunuza heç kim cürət eləyib, dil tərpədə bilməz. Xanpərvər bəyim və Şahqulu daxil olurlar. Xanpərvər bəyim. Kərbəlayı, kefin yaxşıdırmı? Nə qayırırsan, nə eləyirsən? Kərbəlayı Məhəmmədvəli (baş əyib). Şəfaətiniz artıq olsun, xanım, ömrünüzə dua eləyirəm, kölgənizdə dolanıram. Cənnətəli ağa. Deməzsənmi kərbəlayının on dörd gomuşu, altı inəyi bu qış tələf olubdur. Xanpərvər bəyim. Ay, vay, vay! Nə pis iş olubdur! Şahqulu. Kərbəlayı, sənin bir elə malın harada idi? Rəhmətliyin oğlu, köhnə peşəni əldən qoymayıb goplayırsan Kərbəlayı Məhəmmədvəli. Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq? Şahqulu. Niyə, biz sizə qonşu deyilik, Kərbəlayı? Çığırmağa dəyirman, öyünməyə yad ellər. Belə gopu get elə yerdə işlət ki, səni orada tanıyan olmasın. Xanpərvər bəyim. İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! Kərbəlayı dəxi nə var, nə yox? Şahqulu. Kərbəlayı, başla görək. Cənnətəli ağa. İtil sənə deyirlər buradan, simitən oğlu simitən! İndi biz ilən həmsöhbət olacaqdır. Şahqulu. Kərbəlayı, bağışda, bəlkə xatırına dəydim. Xanpərvər bəyim. Ay gədə, itilib getməzsən? Şahqulu. Bəli, gedim. (Gülə-gülə gedir.) Kərbəlayı Məhəmmədvəli. Əliboş bu qapıya gəlmək mənə layiq deyil. Mən bu evin çörəyi ilə adam olmuşam. Çünki yolda sovqatımı əngələ saldılar, naəlac qalıb bu qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin. (Qəndi çıxardıb kənara qoyur.) Cənnətəli ağa. Kərbəlayı, bizə nə çox xəcalət verirsən? Kərbəlayı Məhəmmədvəli. Allah qoysa, gör, ağa, mən bu evə nə cür nökərçilik edəcəyəm... Mənim, ağa, ikinizdən də bir təvəqqem var... Mənim malım bu il elə ələfsizlikdən tərk oldu. Deyirəm hərgah şəfaətiniz olsa, o sizin aşağıdakı evin yanında, arxın altındakı yeri mənə bərat buyurasız, artıq yer də deyil, beş-altı çuvalın yeri ancaq olar, dana-bizo çəpəri qayıram. Cənnətəli ağa. Hə, yadımdadır... Oranı mən, orada olanda, istəyirdim bağ saldıram. İndi ki, sənə lazımdır, bağışladım sənə, sənin qulluğun mənim yanımda çoxdur. Hələ sənə çox zad verəcəyəm. Kərbəlayı Məhəmmədvəli. Şəfaətiniz artıq olsun, Allah sizin kölgəvüzü bizim üstümüzdən əskik eləməsin, onsuz biz ayaq altında itərik. İndi, ağa, rüsxət versəz, gedib o bacım qızı Güləndamı da görüb gedərəm, yolum uzaqdır, bəlkə qaranlığa düşməyəm. Cənnətəli ağa. Yaxşı, Kərbəlayı, mən özüm də gedəcəyəm, bir yerdə gedərik... Təliqəni də mirzə gələr, yazdıraram. (Kərbəlayı Məhəmmədvəli Xanpərvər bəyimə baş vurub çıxır. Cənnətəli ağa da gedir.) Xanpərvər bəyim. Xoş gəldin. (Onlar gedəndən sonra çağırır.) Allahqulu, Allahqulu, bir qəlyan. Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər. Cənnətəli ağa. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin? Allahqulu. Gətirə bilmədim, ağa, yoxdan nə gətirəydim? Cənnətəli ağa. Necə yoxdan, ay gədə? Bəs mədaxil necə olubdur? Sən Pişixurd kəndinə getməmişdin? Allahqulu. Heydərqulu ağa gedib tamam mədaxili alıb, mənə də cavab verdilər ki, ağanın bizim üstümüzdə heç zadı qalmayıbdır. Cənnətəli ağa. Ay gədə, mən dəli olmuşam, bilmirəm, yoxsa sən? Əməlli danış görüm nə deyirsən? Allahqulu. Ağa, elə əməlli ərz eləyirəm. Heydərqulu ağa bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır, yekanları tərəkəməyə tamam pay-püşk eləyibdir. Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. Onu da hacıya üz eləyibdir. Cənnətəli ağa. Əstəğfürullah, bəs Heydərqulu özü necə olubdur? Allahqulu. O da məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür. Cənnətəli ağa. Onu bura çağır görüm bu nə əməldir mənim başıma gətirir? (Allahqulu gedir.) Siz Allah, buna baxın görün belə də iş olumu?.. Ha sənin boyuna ip ölçüm! Ha səni itəsən! Mən borcluların əlindən bazara çıxa bilmirəm, bu görün mənim başıma nə pəstaha gətiri! İndi mən başıma nə çarə qılım? Ha səni yerə girəsən! Məhəmmədəli (daxil olub baş əyir). Ağa, bizim bir az hesabımız var, ola bilərmi ki, onu şəfaət eləyəsiz? Cənnətəli ağa. Necə hesabdır? Sən haradan gəldin çıxdın bura? Məhəmmədəli. Elə artıq hesab deyil, ağa... Təndirxana uçmuşdu, onu qayırmışam. Cənnətəli ağa. Elə işlərə mən qarışmıram və qarışmaq da istəmirəm. Məhəmmədəli. Niyə, ağa, özünüz danışmadınız? Dörd manat bir artıq pul deyil. Cənnətəli ağa. Yaxşı qayırmamısan, bir qəpik də verməyəcəyəm. Məhəmmədəli. Sahib ixtiyarısınız... Amma yaxşı deyil. Mənim haqqım gərək özümə çata. Cənnətəli ağa. Mən haqq-maq tanımıram, çölə çıx, kefimin pis vaxtıdır! Çölə çıx! Çıx deyirəm sənə! Heydərqulu ağa və Allahqulu daxil olurlar. Cənnətəli ağa. Heydərqulu! Doğrudurmu ki, sən gedib mədaxilin hamısını satıb-sovub gəlmisən? Heydərqulu ağa. Hə, doğrudur, nə olsun? Cənnətəli ağa. Canuva dərd olsun, vərəm olsun! Yavaş, sənə kim izn verdi ki, gedib özbaşuva elə iş tutasan?! Heydərqulu ağa. Kim izn verəcək? Mən özüm getdim. Cənnətəli ağa. Sən çox qələt elədin! Başını daşdan-daşa döydün! Mən borcluların əlindən bilmirəm başımı hara təpim, sən də get bir böyük kəndin mədaxilini dəyər-dəyməzinə sat!.. Pulları bura gətir!.. Heydərqulu ağa. Bir qəpik də vermənəm... Pəs mən cahıl deyiləm! Mənim yoldaşlarım yüz-yüz manat xərcləyəndə mən baxa-baxa qalım? Cənnətəli ağa. Bu saat pulu say bura, yoxsa ətini özünə yedirdərəm! Heydərqulu ağa. Yox bir... Vallah, heç kim yel olub mənim yanımdan da ötə bilməz! Cənnətəli ağa (ayağa durub). Nə deyirsən, ay gədə? Bir də de görüm! Bu saat səni iti öldürən kimi öldürrəm! (Məhəmmədəli durur qabağa.) Belə də iş olarmı, ay camaat, həmi darımı yesin, həmi də mənə xoruldasın? Məhəmmədəli. Ağa, başına dönüm, hövsələni bir bas. Heydərqulu ağa. Sən Allah burax görüm, o mənə nə qayıracaqdır... İndi bilir mənim cinimi ha... (Allahqulu durur qabağa.) Allahqulu. Ağa, başına dönüm, böyüyün üzünə ağ olma, bəri gəl gedək. (Aparır o biri otağa) Cənnətəli ağa. Yaxşı, Heydər, görək!.. Atamın ərvahına, bu saat gedib natarusda kağız yazdırıb, səni hər zaddan məhrum edəcəyəm. (Gedirlər.) Məhəmmədəli (tək). Ağanın kefi şit dadır... Qəribə halətdir... Bir belə mülk-maaş sahibi olasan, yaxan borclular əlində qala və bir ağzından süd iyi gələn uşaq da səni biabır eləsin? Həqiqət böyük müsibətdir... Bəli, yazım dəftərin qırağına ki, bizim dörd manat guruldadı... Nə eləyək, o da qurban olsun Tellinin bir telinə. Ancaq bir işdən çox qorxuram. Bu ev çox qarış-bulaşdır, ona görə Tellinin burada qalmağını heç məsləhət görmürəm və bilmirəm ki, nə təhər eləyim (yavaş-yavaş o qapıya, bu qapıya qulaq verir, yavaşdan.) Güləndam, Güləndam. Güləndam (daxil olub). Nə var, yenə çox tələsmisən? Hələ bir de görüm baftanı gətirmisənmi? Məhəmmədəli (baftanı verib). Ala, ay başına dönüm, necə tələsməyim? Bircə mənə de görüm Telli nə deyir, razı olurmu? Güləndam (yavaşdan). Telli razıdır, ancaq el adətilə gedərəm, deyir. Yavaş danış, bizi pusurlar. Məhəmmədəli. Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur. Aman günüdür, mən Tellinin tək bircə gün də burada qalmağına razı deyiləm... Sənə canım qurban, gör bir təhər eləyə bilərsənmi? Güləndam. Ay nainsaf, bundan artıq çalışmaq olarmı ki, mən çalışıram?.. Səninki də elə odur ki, həmi qız olsun, həmi tez. Məhəmmədəli. Təxirə qoyma, Güləndam, aman günüdür, canım sənə qurban. Güləndam. Mənə bir on dörd arşın güllü çit alarsanmı? Məhəmmədəli. Belə, bax mənim bu gözüm üstə... İstəyirsən elə bu saat alım gətirim. Güləndam, Güləndam, cənnətə o kəs gedər kim, yetirər yarı yarına. Ölürəm, bağrım çatlayır! Güləndam. Yaxşı, ölmə. Artıq burada durma, get... Get bu axşam molla Heydərgildə gözlə, qızı ora göndərəcəyəm, işiniz orada tamam olsun. Bax, amma çit yadından çıxmasın ha! Məhəmmədəli. Belə Allah səni də xoşbəxt eləsin. Nəinki çit, hələ sənə bir neçə yaylıq da alıb gətirəcəyəm. Çox sağ ol. (Gedir.) Güləndam (tək). Özümü yamanca bəlaya salmışam... Bədənim zağ-zağ əsir... Bilsələr, vay mənim halıma. Yusif bəy ilan dili çıxardır... Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir... Bizim bu qız, bu qız! Başınıza dönüm, on dörd yaşında, yeyib, içib, qızmış nərə dönübdür... Elə deyir havaxt olacaqdır?.. Vay zamananız dağılsın! (Süpürür.) Püstəbanu bəyim (daxil olur). Belə sənə bu cavan canım qurban, Güləndam, Yusifi gördünmü? Bu gecə gələcəkdirmi? Güləndam. Yavaş danış, qurbanın olum! Məni qana çalxama, gələcək ey, gələcək! Get qızıl-mızılını yığ, bir boxçaya bağla... Küçənin başında fayton hazır olacaq, düz gir faytona, dəxi borcun deyil... Vaxtını mən özüm gəlləm deyərəm... Di durma, get!.. Mənə az yaxın gəl, duyallar!.. Püstəbanu bəyim. Gör sənə nələr verəcəyəm?! (Üzündən öpüb qaçır.) Güləndam (tək). Qıza bax, qıza! Deyir ki, gör sənə nələr verəcəyəm. Pəs necə? Babamı öldürmüşəm ki, goruna and içim. Bir belə tədbir eləyim, bir belə qorxu çəkim, əvəzində bəs verməyəcəksən? Şahqulu, Şahqulu! (Çağırır.) Şahqulu (daxil olub). Nə var belə, sənə mənim bu canım qurban? Nə deyirsən, ay maralım? Güləndam. Sarsaqlama, genə sənə bir söz deyəcəyəm. O gərək yadından çıxmaya. Ondan ötrü ki, sənə mənim yazığım gəlir. Şahqulu. Sən desən ki, yıxıl ayağımın altında öl, sözüm nədir. Güləndam. Gör özünün də ağlın kəsirmi? Bax, Şahqulu, sən qızın yanında çox Yusif bəy elə getdi, Yusif bəy belə getdi söyləyirsən... Qız uşağının beyni olmaz... Sonra bir iş olar, altın çəkə bilməzsən. Heydərqulu ağa bir dəlibaş uşaqdır. Cənnətəli ağanın hirsin mən görmüşəm. Vurarlar, iti öldürən kimi səni də öldürərlər... Sonra haray hara çatar?.. O gün də böyük ağa deyirdi ki, bilmirəm bu Cavadın oğlu bizim küçədə nə çox gəzir. Bir deyən yox a qoduq, anqır tayını tap!.. İndi bilirsən, balam, Allahı sevərsən, dilini dinc qoy, bizi xata-bəlaya salma. Budur, bax qabaqcadan deyirəm: birdən səndən bir elə söz eşitsəm, vallah, düz gedib ağalara deyəcəyəm. İndi özün bil. Şahqulu. Allah atana rəhmət eləsin, Güləndam, yaxşı ki, məni başa saldın... Bundan sonra mən qələt elərəm bir də Yusif adı çəkmərəm... Yazıq, yetim gədəyəm, vurarlar, öldürərlər, atamın evi yıxılar. Güləndam. Get Tellini də bura göndər gəlsin, yazıqdır, onu da xəbərdar eləyim. (Şahqulu gedir) Vallah, belə qəribə iş olmaz, yaxşı deyirlər: özünə umac ova bilməz, özgəyə əriştə kəsər. İndi buna kələk qur, onun başın piylə, onların dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan... O iymişin saqqalına həna qoya-qoya... Adı yadıma düşəndə dişim bağırsağımı qırır... Allah qəzəb eləsin dayım Kərbəlayı Məhəmmədvəliyə, məni bu bəlaya salan odur... Telli daxil olur. Güləndam. Telli, bu gün bura çox qarışıqdır, burada adam xətadan xali olmaz. Hər nə olsa gərək bu gecə ola... İndi get nə ayın-oyunun varsa, yığ bir düyünçəyə... Ancaq heç kim duymasın. Axşam azanı düz get molla Heydərgilə, əhvalatdan o özü xəbərdardır. Məmmədəli də orada olacaqdır... Telli. Bədənim əsim-əsim əsir... Heç ağlıma gəlməyən işə düşmüşəm, qurbanın olum. Güləndam. Ay yassar, güdaza getsə, burada mənim canım gedəcəkdir. Sən vaxt ikən canını qurtar. Bundan savayı sənin çarən yoxdur... Durma, get işinin dalınca! Telli. Nə bilim, ay başına dönüm... Burada qalarsan vay, gedərsən vay. Belə də iş olarmı ki, mən düşmüşəm? (Gedir.) Güləndam (tək). Bunları yola salandan sonra görüm Səfiqulunu nə təhər fola gətirrəm. Yoxsa belə yurdsuz-yuvasız bayquş kimi haçanacan qalacağam. (Gedir.) Heydərqulu ağa (əlində tüfəng daxil olur). Allahdan qorxmayasan, bu ev-eşiyi darbadağın dağıdasan!.. Bu başdan bir od qoyasan, o başdan cırrıt deyib çıxa!.. Allahqulu! Səfiqulu! Haradasız, biriniz məgər burada tapılmazsız?.. Ay gədələr, görək... Bəlkə mənim meyitimi salalar... Gedərəm qaçaqlara qoşullam. Bu işdə ölmək var, dönmək yoxdur... Gör məni kim ilən hədələyirlər!.. (Gəzinir.) Nökərlər (daxil olub). Nə buyurursuz, ağa? Heydərqulu ağa. Çor buyururam, zəhrimar buyururam! Heyvan uşağı heyvan! Bu saat mənim atımı yəhərləyin, evdə də deyin ki, vallah, billah, tallah, hər kim Pişxurd kəndinə dolansa, onu iti öldürən kimi öldürəcəyəm!.. Səfiqulu. Ağa! At çoxdan hazırdı. Heydərqulu ağa. Eşitdinizmi? Nə təhər ki, mən deyirəm, elə deyərsiz. Mən belə deməmişdim... İndi onlara, verən Allah, mənə verər Allah... Atı çək çölə! Ay gədə, hey, Allahqulu! Birdən bilməzsən, deyərsən ki, “buyruq quluyam”, oralara gələrsən. And olsun Allaha, başını mal başı kimi kəsərəm! Heydərqulu ağa və Səfiqulu gedirlər. Allahqulu (tək). Arığın nə işi var qoruqda ki, vuralar qıçı sına... Allah vara ata-oğul bir-birinin ətini yesinlər, bizə nə var, canları cəhənnəmə... (Gedir.) Pərdə * * * Dördüncü məclis Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar. Cənnətəli ağa. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə, özü çıxdı qabağıma əl verdi... Qəribə oğlandır... Heç bir belə divanbəyi mən hələ görməmişdim... Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm. Mirzə Əsgər. Ağa, elə deməyin, nə təhər olsa yenə baladır... Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin. Cənnətəli ağa. Bir oğul ki, mənim üstümə tüfəng çəkə, bir oğul ki, məni döymək istəyə... Gədələr tutmasaydılar, hələ məni vuracaq idi... Onu bir də evə qoya billəm? Mirzə Əsgər. Əlbəttə, siz buyurandır, amma gənə nə tövr olsa, gərək onu mənzur eləyəsən ki, cahilin beyni qan olar və lazımdır ki, camaat üzünə bir növ ilə dolanasınız. Yoxsa, özünüz bilirsiniz, bizim xalq bir sözün üstə beşini də qoyub adamı rüsvay elərlər... Cənnətəli ağa. Allahdan gizlin deyil, bəndədən nə gizlin... Mən çox yaxşı bilirəm ki, qədim əsrlər keçibdir. İndi mən məhz bir mədaxilin ağasıyam, o da ki tarac olsun, onda bəs mən nə eləyim? Xanpərvər bəyim (daxil olur). Ay kişi, getdin nə qayırdın? Bu şikayət nə idi? Gözüyün ağı-qarası bir oğlun var, istəyirsən onun da başını şişirdib çöllərə salasan? Heç bir utanmırsan? Belə də iş olarmı? Cənnətəli ağa. Elə əvvəldən axıra sən deyilsənmi uşaqların başına daş salan? Gözümün ağı-qarası oğul gərək mənim var-yoxumu dağıdıb, yaxamı borclular əlində qoya?! Mən ki hələ ölməmişəm! Bəs mənim adım, sanım necə olsun? Külfətimdən əl çəkib, acından ki ölməyəcəyəm? Xanpərvər bəyim. Ay kişi, bəsdir Allahı sevərsən, acıqlı başda ağıl olmaz, xalqı özünə az güldür! Cənnətəli ağa. Mən ancaq dünən bilmişəm başıma nə daş düşübdür... Borc, borc kimi deyil ki! Mirzə, sən özgəsi deyilsən, evim yıxılıbdır. Mirzə Əsgər. Ağa, sən Allah elə danışma. Sənə nə olubdur ki, evin yıxıla... Borcsuz düşmənin olsun. Onun üçün ki, deyirlər borcum var, etibarım var... Bu halda borcsuz kimdir? Tamam xanlar, bəylər boğazacan borca batıblar, bir siz deyilsiz. Xanpərvər bəyim. Ay kişi, bəsdir sən Allah, onsuz da bu gün mənim kefim yoxdur... Allahqulu, Allahqulu, a gədə, bir qəlyan gətir... Kişi bir sözün ucundan tutub dəxi qurtarmaq bilmir... Pul yiyəsinin canı çıxsın, bizi də buradan köçürtməyəcəkdir. Cənnətəli ağa. Köçürdər də, hələ desən adamın gözünə ağ da salar! Kafir uşaqları bilmirsən adamın başına nə iş gətirirlər... Biri deyir ki, ağa ola bilər ki, bizim o xırda-para hesabımızı görəsiz? O biri işarə vurur: bu il taxıl görəsən necədir? Barama ki, Allaha şükür, yaxşıdır. Birisi də şəst ilən qalxıb təvazö eləyir: ağa, salam əleyküm və elə də adama zənlən baxır ki, deyəsən gözü adamın o yanından keçəcəkdir və eləsi də var ki, qıpqırmızı, az qalır adamı yaxalasın. Doğrusu, xəcalətimdən istəmirəm dəxi bazara çıxam, adamı o qədər təngə gətirirlər. Mirzə Əsgər. Qulaq asmayın, canları çıxsın. Cənnətəli ağa. Kafir uşaqları istədikcə verdilər. Baqqal kor Əhməd üç yüz manat üstümə yazıbdır. Keçəl Hacı Mehdi doqquz yüz manat. İşə bax ki, nalbənd Poqus da on yeddi manat pul istəyir. Keçən vaxtlar olsaydı, belə borclar adamın gözünə muy qədri görünməzdi... Ay... hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulut kimi çöküb, bunu burada süpürləyirdim, onu orada... İndi qoyublar palajeniya. Rəiyyətə demək olmur buradan dur, orada otur... Bir yandan da saldat pulu, desyatin pulu, dəyirman pulu. Mən başıma nə çarə qılım? Vallah, az qalmışam dərdəcər olum... Xanpərvər bəyim. Niyə, niyə, nə olubdur məgər? Padşahlıq pulu deyirlər manifest olub, bağışlanacaqdır. Baqqalların da canları çıxsın, verməyəydilər. Cənnətəli ağa. Atamın ərvahına and olsun, arvad, səndə, bax bircə belə ağıl yoxdur. Mirzə Əsgər. Ağa, doğrudan da zəmanə dəyişibdir. Keçən əsr hara, indi hara?.. Amma manifesti hamı danışır. Bəyim doğru deyir, heç qulaq asmayın... Sonra borclular özləri yalvaracaqlar ki, ağa, başına dönüm, heç olmasa, vaynaçar, ayda beşcə manat da olsa üstümüzə tollayın. Xanpərvər bəyim. Ay kişi, borcdan gələsi nə var ki onun ucundan tutub bir belə sadalayırsan? Vallah, mənim gözümə bir zərrəcə görünmür... Bizim dərdimiz var ki, borc onun yanında toy-bayramdır... O dərd qızıvun dərdidir. Vallah, gecələr də yata bilmirəm... Mirzə də onun qaydına heç qalmır. Mirzə Əsgər. İkinizin də başı üçün, mən elə gecə-gündüz o fikri çəkirəm. Bu nə sözdür ki, siz buyurursunuz? Mən bu evin çörəyi ilən dolanıram, necə ola bilər ki, Püstəbanu bəyimin qaydına qalmayım? Xanpərvər bəyim. Hərgah sənin köməyin dəysə idi, mən onu çoxdan xoşbəxt eləmişdim. Mirzə Əsgər. Mən başıma nə çarə qılım? Bir para adamı siz layiq bilmirsiz, deyirsiz nanəcibdir, nücəbada da elə münasib oğlan yoxdur... Ağa, başına dönüm, acığın tutmasın, deyim: sizin Cahannisa bəyimin oğlu ikicə qara pula dəyməz. Gündüz axşamacan gözünün suyu tökülə-tökülə qoduq-moduq ilən gəzir. Hərçənd mülk-maşı çoxdur, amma ona vallah heç qız rəğbət eləyib getməz. Cənnətəli ağa. Qız uşağını özbaşına qoysan ya aşığa gedər, ya nağaraçıya... Cahannisanın oğlunu yaxşı tanımıram, amma mülkü çox olduğunu bilirəm. Mirzə Əsgər. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir. Veyil-veyil gəzməkdən savayı bir işi yoxdur. Xanpərvər bəyim. Məhəmmədkazım ağanın oğlu necədir? Mirzə Əsgər. Ay başınıza dönüm, adam sözü danışın. O, xalis məktəbdən qaçmış Koroğlu dəlisidir. Ancaq bir çatması əskikdir. Ona qız vermək olar? Yenə bu təzə qoltuqdan çıxmalarda tək-tük layiq adam tapılar. Cənnətəli ağa. Heç vaxt, heç vaxt! Elə adamlar ilə qohum olmaqdan isə, qızımın ikisinin də başını kəsməyə hazır varam. Mirzə Əsgər. İndi, ağa, siz göstərin, mən də düşüm dalıncan... Birisi var, əgər mənim qızım olsa idi və o da müştəri olsa idi, mən yüz qurban kəsərdim. Ancaq bilirəm ki, qəbul etməyəcəksiz... Məhərrəm yüzbaşının oğlu... Bəy dəftərində adı var, artıq dövlətli. Bu halda da özü silistçi, çox kamil, gözəl oğlandır. Xanpərvər bəyim. Mirzə, eyib deyil? Heç utanmırsan, bizim evdə elə adamların adını çəkirsən? Cənnətəli ağa. Rəhmətlik oğlu edə söz danışır ki, bişmiş toyuğun gülməyi gəlir... Bu nə sözdür... İstəyirsən bizi şəhər içində rüsvay eləyəsən? Mirzə Əsgər. Ay ağa, başına dönüm, söz idi, dedim. Dəxi sizin niyə acığuvuz tutsun? Xanpərvər bəyim. Elə adamlardan isə, Cahannisanın oğlu yaxşıdır. Mirzə Əsgər. Yaxşıdır, əgər qız getsə. Cənnətəli ağa. Bayaq dedim, Mirzə, qızı özbaşına qoymaq olmaz... O da mənə Heydərqulu olmayacaq ki?.. Vallah, qoyaram ayağımın altına, çəkərəm, boğazı sərçə boğazı kimi üzülər. Xanpərvər bəyim. O Cavadın oğlu Yusif də deyirlər buralarda çox hərlənir. O bilmirəm nəçidir, elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim! Mirzə Əsgər. Onu mən çox yaxşı tanıyıram. Onun veyil-veyil gəzməkdən savayı bir sənəti yoxdur... İtin birisidir: bir özü, bir darağı... Budur, iki ay olur ki, atası da evdən qovubdur... Ondan bəri dəllək Qəmbərin oğlu ilə yava-yava gəzir. Güləndam (daxil olub). Xanım, bir tez bura zəhmət çək! (Xanpərvər bəyim ilə Güləndam gedirlər.) Cənnətəli ağa. Bu qəziyyədən sonra, Mirzə, ola bilərmi ki, bir az pul tapasan, o xırda-para borcları verək?.. Mülkün birini də girov qoymağa hazıram. Mirzə Əsgər. Nə deyim, ağa, ağlım kəsmir ki, elə adam tapılsın. Cənnətəli ağa. Genə sən yaxşısan, mən buraya bələd deyiləm. Nə qədər neustoyka da qoysalar əlac yoxdur, qoysunlar. Mirzə Əsgər. Görüm, ağa, papaqçı Məşədi Rəhimdən ala bilərəmmi. Onunla o günləri danışdım, qırışmal ildə manata üç abbası istəyir. Güləndam tələsik daxil olub, otağın künclərini axtarır. Cənnətəli ağa. Nə axtarırsan, ay qız? Güləndam. Tüfəng, yaraq axtarıram... Nə bilim, ay başuva dönüm?.. Allah Şahqulunun atasına nələt eləsin! Mən min dedim bu qızın yanına az gir-çıx! (Tələsik bir tüfəng, bir tapança götürüb gedir.) Mirzə Əsgər. Görəsən Şahqulu genə nə pəstah kök eləyibdir? Cənnətəli ağa. Yox, xətadan xali deyil. Olmasa tüfəng-tapança nə lazımdır? Xanpərvər bəyim (daxil olub). Ay qız, mənə bir az su!.. Su... Ürəyim getdi, ay, ürəyim getdi... Su, bir qurtum su! (Yıxılır.) Cənnətəli ağa. Nə olub, ay arvad? Niyə belə eləyirsən? Xanpərvər bəyim. Ay başınıza dönüm, bircə qurtum su! Ay, bircə qolumu tutun! Cənnətəli ağa. Lal olmamısınız ha! Deyin görüm nə olubdur? Güləndam (Xanpərvər bəyimin qolundan tutub). Püstəbanu bəyimi görüm şamı-çırağı qara yansın! Nə olacaq, biabırçılıq! Cənnətəli ağa. Necə biabırçılıq? Nə danışırsan, ay qız? Ay gədələr, haradasız?! Gədələr daxil olurlar. Güləndam (Şahquluya). Sənə demədimmi, kafir oğlu, qız uşağının beyni olmaz, onun yanında çox artıq-əskik danışma? Cənnətəli ağa. Xataya düşdük, camaat də! Ay murdar uşaqları, sizdən soruşuram, nə olubdur? Püstəbanu bəyim hansı cəhənnəmdədir? Xanpərvər bəyim. Qolumu tut! Su! Su! Öldüm, Allah! Vaaay, vayy!.. Cənnətəli ağa. Əstəğfürullah rəbbi və ətubi ileyh! Niyə dinmirsiz, ay zalım uşaqları? Güləndam. Ay başına dönüm, heç kimdə taxsır yoxdur, bütün işlərin başı, bu boğazından asılmalı Şahqulu kafir oğlundadır. Allahqulu. Ağa, əvvəl-axır biləcəksiz... Cavad bəyin oğlu Yusif bəy Püstəbanu bəyimi götürüb qaçıbdır. İndi də buyurursuz əməl eləyək... Tellini də Məhəmmədəli aparıbdır... Cənnətəli ağa (ayağa durub). Necə, necə? Səsini kəs, kafir oğlu, elə zad ola bilməz! Qanı qurşağa çıxardaram!.. Şahqulu (ağlaya-ağlaya). Ağa, ağa, o çörəyin haqqı üçün mənim xəbərim yoxdur... Güləndam. Çörək gözünü tutsun yalan isə! Biqeyrət oğlu biqeyrət! Cənnətəli ağa. Zalım oğlu zalım, qabaqcan məni öldürəydin, niyə evimi yıxdın?! Vay, vay! Heydərqulu, boynun sınsın, harada qalmısan? Mirzə Əsgər. Ağa, bir az səbr eləyin, görək məsləhət nədir. Cənnətəli ağa. Məsləhətdən keçibdir. Uşaqlar, durmaq yeri deyil. Bu saat xəbər verin mənim övladıma! Biriniz də çapsın el-obanın içinə. At belinə çıxan durmasın gəlsin! Vay, vay! Heydərqulu, səni görüm yaylım gülləyə rast gələsən! Şahqulu, ay çörəyim gözünə dursun, bu nə müsibətdir mənim başıma gətirdin?! Şahqulu. Ağa, ağa! Mənim əgər xəbərim varsa, Allah boynumu sındırsın, evimiz uçsun, bacım-qardaşım qırılsın. Cənnətəli ağa. Mənim tüfəngimi, qılıncımı buraya gətirin!.. Mən onların erkəyini də, dişisini də qırmasam, ürəyim soyumaz... Mirzə, Mirzə, görürsən mənim başıma nə gəlir? Şahqulu (Cənnətəli ağanın ayağına yıxılıb). Ağa, istəyirsən qabaqcan məni öldür. Amma vallah, billah, tallah, mənim xəbərim yoxdur. Cənnətəli ağa. Ayağa dur, mürtəd oğlu! Səni boğazından asacağam! Kəndir, süyürtmə! (Tutur boğazından.) Xanpərvər bəyim. Allah, bu nə işdir biz düşdük? (Şahquluya.) Barı gözümün qabağında durma! Barı gözümün qabağında durma! Güləndam. Ölümün çatıb, ay mürtəd oğlu, nə durmusan? Bir işdir eləmisən, barı boynuna al! Şahqulu. Yalan isə sənin gözünə güllə dəysin! Cənnətəli ağa. Tərpənmə, məlun oğlu! Ay gədələr, sizə demirəm süyürtmə gətirin? Tərpənmə, murdar oğlu! (Döyür.) Qanuvu içəcəyəm!.. Mənim başıma belə iş?! Mənim başıma bel iş?! Süyürtmə, süyürtmə!.. Mirzə Əsgər. Ağa, başına dönüm, bir az səbr eləyin, qohum-qardaş da yığılsın, görək nə tədbir elərlər. Cənnətəli ağa. Ay, ay, Mirzə, nə qoyub, nə axtarırsan? Bu iş tədbirsiz işdir... Yəni bundan sonra mən adam olub, adam içinə çıxacağam?! Mirzə Əsgər. Ağa, belə işdə səbr lazımdır. Adamın gərək tədbiri çaşmasın. Artıq cəzə-fəzə sizin adınıza layiq deyil. Cənnətəli ağa. Adımız varsa da, qardaş özümüz yoxuq!.. Tərpənmə, tərpənmə, zalım oğlu! (Döyür.) Süyürtmə, süyürtmə! Şahqulu. Ağa, məni öldürmə, taxsırım yoxdur, taxsırım yoxdur. Başına dönüm, ağa, vallah, taxsırım yoxdur. (Qaçır.) Cənnətəli ağa. Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü aləmi xaraba qoyam! (Gedirlər.) Xanpərvər bəyim. Ay Allah bəndələri, ölürəm!.. Pərdə * * * == Yağışdan çıxdıq, yağmura düşdük == Yağışdan çıxdıq, yağmura düşdük (Komediya, 4 məclisdə) Əhli-məclis Hacı Qəmbər – əlli yaşında, sövdəgər Dilbər xanım – qırx altı yaşında, onun övrəti Cavahir xanım – on səkkiz yaşında, onların qızı Yetər – qulluqçu, on altı yaşında Cəbi – nökər, qırx səkkiz yaşında Hacı Salman – tacir Mayor Xudaverdi bəy – xaşalqarın Əşrəf bəy – cavan oğlan, Dilbər xanımın bacısı oğlu, oxumuş Dəyirmançı Qıdı kirvə – gödək, qoca kişi, üzü qırxıq, uzun sallama bığ Molla Səfi Aşıq Vəli Tıntın İmamqulu – başmaqçı Mahmud – Əşrəf bəyin nökəri * * * Əvvəlinci məclis Cavahir xanım (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük... Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam... Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.) Əşrəf bəy (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan? Cavahir xanım. Sənə qurban olum, ay xala oğlu, nə yaxşı sən gəldin. Evimiz yıxılıbdır, başına dönüm. Əşrəf bəy. Nə olub, ay qız, nə olub? Cavahir xanım. Nə olacaq? Hacı Salmanı tanıyırsanmı? Evi yıxılmış biçarə atamı tovlayıb, var-yoxunu əlindən alıb verib baramaya, indi deyirlər ki, Qara dəryada gəmi qərq olub, tamam barama batıb... Atam bu əhvalatı eşidən kimi başına hava gəlib, olub dəli, evdən qaçıb. Anam da pir, ocaq qalmayıb ora qaçmaya, bir molla və seyid qalmayıb, ona dua yazdırmaya. Özü də evdən baş götürüb itib. Əşrəf bəy. Bu yaxşı iş olmadı... Həkim gətirmisizmi? Cavahir xanım. Həkim-zad nə qayırır?.. Ancaq qalmışıq kişinin həşrinə, bilmirik nə çarə edək. Əşrəf bəy. Bəs hacı özü haradadır? Cavahir xanım. Mən sənə deyirəm ki, atam belə. adəticə olub dəli. Nə qədər yalvardım ki, ata, sənə qurban olum, getmə, bir az yat dincəl, məni də itələyib yıxdı ora, ayaqyalın, başaçıq, hədərən-pədərən danışa-danışa getdi. Əşrəf bəy. Yaxşı ki, mən gəldim. Heç fikir eləmə, Cavahir, mən bu saat gedib lazımı binagüzarlıq elərəm. Həkim gərək, dərman gərək. Lazımdır hacını evdən çölə qoymamaq. Cavahir xanım. Gözlərinə qurban olum, Əşrəf... Bax, səni qoymayacağam gedəsən, ta ki, atam yaxşı olub, dürüst sağ olanacan. Əşrəf bəy. Durmaq yeri deyil, dəxi mən getdim... Ancaq xalam gələndə deyərsən ki, çox cəzə-fəzə eləməsin, Allah qoysa yaxşı olar. Cavahir xanım. Get, Allah səni bizə çox görməsin. Get, Allah fəryadına yetsin. (Əşrəf gedir.) Pərvərdigara! Şükür sənə. Mənim bacılarım hərəsi gedib bir Allah bəndəsinə, öz evlərində rahat dolanırlar. Mən bədbəxt gərək belə müsibətə düçar olaydım?.. Mal-dövlət əldən gedib. Bundan sonra bizim günümüz nə təhər keçəcək, Allah bilir?! Yazıq canım, fağır canım! Dilbər xanım (daxil olur, yorulmuş, bikef). Cavahir, o suyu mənə ver, dilim ağzımda yanıbdır, ayaqlarım qəbər olub... Görəsən mən hansı saatda dünya üzünə gəlmişəm? Mən olan günə daş düşəydi! Elə bu qalmışdı ki, qəza bizim başımıza gətireydi? Cavahir xanım (su verib). Ana, gəlsənə ayaqlarını isti su ilə yuyam. Dilbər xanım. Lazım deyil, bala, gedəcəyəm... Cavahir xanım. Heç yerə getmək lazım deyil... İndi elə bu saat Əşrəf dava-dərman gətirəcək. Dedi ki, xalam çox cəzə-fəzə eləməsin və qorxmasın. Heç zad olmaz. Atamı da bu saat gətirəcəkdir. Dilbər xanım. Əşrəfin gəlməyi yaxşı oldu... Sizə canım qurban, şəhər tamam dəyib bir-birinə. Hara gedirəm gədələr məndən əl çəkmirlər. Biri deyir pirə apar, biri deyir dua yazdır, birisi hırıldayır, birisi yalandan, guya ki, bizim dərdimizə qalır... Mən də inanıram... Nə bilim? Adamın əli yananda ağzına təpər... Mənə hər nə deyirlər, mən də onun dalınca gedirəm. Nə bilim? Hacı Salmanın evin Allah yıxsın, balaları qırılsın! Cavahir xanım. Allaha yalvarmaqdan savay əlimizdən nə gələr? Dilbər xanım. Məscid qabağında dizi üstə çöküb, nə qədər yalvarmışam, nə qədər söz demişəm. Cavahir xanım. Yavaş bir, deyəsən atamı gətirirlər. Əşrəf bəy (çöldən). Ay kişi, vallah, billah, tallah, mən səni aldatmıram... Bəri gəl, sən nə təhər adamsan? Bəri gəl deyirəm sənə. Bir gəl, de nədir sözün. Hacı Qəmbər, Əşrəf bəy və Cəbi daxil olurlar, Dilbər xanım, Cavahir xanım hacını qucaqlayıb Dilbər xanım. Ay kişi, evindən niyə qaçırsan? Bəri gəl, bir az dincəl. Cavahir xanım. Ata məgər bizə sənin yazığın gəlmir? Əşrəf bəy (acıqlı). Allahı sevərsiz, danışdırmayın, oturun yerinizdə. Nə xəbərdir?! Hacı Qənbər – Bir belə cəhəlkar adamlar olmaz, mən deyirəm: Fikrində idi bir neçə turac ilə kəklik vursun, Əvəzində oların sərçəni bozbaş edən əst. O deyir, xeyr, qardaş, belə deyil... Bat-bat bexur, net rabatay. Yaramadı, getdi, batdı, itdi... İndi bunun cavabı nədir? O deyir: qaz vur, qazan dolsun. Mən deyirəm: xeyr, qardaş, yaramaz, bat-bat bexur, net rabatay! İndi yaydır, qazlar uçub gediblər... Əlavə mən deyirəm ki, əzizim, qoy gedim bu tiği-sitəmkarı oxalatdırım, Hacı Salmana qonaq gedim, o deyir: xeyr, olmaz, bat-bat bexur, net rabatay. Gəmi batdı, it də getdi, ip də getdi... Bu da beləsi... İndi necə olsun, Əşrəf, sən ağıllı oğlansan, buna nə deyirsən? Əşrəf bəy. Mən deyirəm yorulmusan, get yat, bir az dincəl. Hacı Qənbər. Təəccüb iş burasıdır ki, iki qulaqlarımın birisi mənə düşməndir, birisi dost... Sağ qulağım çığırır ki, vurulan qafilə sənindir, kirədar neçün ağlar? Sol qulağım çığırır: yalan deyir, çox qələt eləyir, bat-bat bexur, net rabatay. O dolu sandıqlar sağ olsun, biri ləl, biri cavahir... Sağ qulağım deyir ki, yüz min təbib neynəsin, bir fələk qarğamışa. Sol qulağım deyir: qələt eləmə, bir şəm ki, haqdan yana, heç bad ilə sönməz. Kafir uşaqları məni lap təngə gətiriblər, bilmirəm hansına inanım... Amma Hacı Salmana bir düdəməyi-hindi ilişdirməyim var... Belədir, Cəbi, ya yox? Cəbi. Sənə gələn dərd-bəla gəlsin Cəbinin balalarına, yazıq ağa! Hacı Qəmbər. Ayağımın birisi deyir: dərya topuqdandır, o birisi deyir: həri, ha-ha... Dərya Bakının neft quyularından da dərindir, ora düşən, get ay batandan sonra gəl. Bat-bat bexur, net rabatay... O qaldı İsrafilin düdək çalmağına. Yat ki, yatacaqsan... (uzada-uzada) Gəmi... dərya... barama... Hacı Salman... Hacı Qəmbər... qutrats!.. Cavahir xanım. Ata, heç bilirsənmi, gecədən nə keçibdir? Gəl gedək yataq, gəl, canım sənə qurban. Gəl axır biz də yazığıq! Hacı Qəmbər. Gedək yataq. İsrafil zurnasını çalanacan (əlini ağzına tutub) du-u-u! Ay İsrafil qardaş, du-u-u!.. öləsən də yatıb durmayacağam, du-u-u!.. (Gedirlər.) Əşrəf bəy. Xala, sən heç fikir eləmə, Allah qoysa hacı bir-iki günə yaxşı olar. O ki qaldı dövlətin əldən getməsinə, o barədə genə fikir lazım deyil. Mənim canımın da, malımın da təəllüqü var sizə. Mən bir gün də qoymaram ki, siz üsrət çəkəsiz. Mənim sizdən savay bir kəsim yoxdur. Dilbər xanım. Allah səni bizə çox görməsin, həmişə ümid yeri eləsin, ay Əşrəf... Ancaq yaman bəlaya düşdük. Əşrəf bəy. Sənin canın üçün, xala, hacının bu əhvalatından artıq məni bu gün müsəlman qardaşların hərəkəti qəmgin edibdir. Biçarə kişini bir hoydu-hoyduya götürmüşdülər ki, Allah göstərməsin... Vəhşi, nadan tayfa! Dilbər xanım. Doğrudur, başına dönüm, Allah onların zülmün artırsın. İmamqulu otağa girmək istəyir. Cəbi. Sən nə istəyirsən, qardaş? Nə üçün gəlmisən? Nə var burada, qoymazsız görək dərdimiz nədir? İmamqulu (burnunda). Gəlmişəm sənin sifətinə baxmağa... Rəhmətliyin oğlu, belə dur görüm... Əlbəttə, işim var ki, gəlirəm də. Əşrəf bəy. Cəbi, qoy gəlsin görək nə deyir (gəlir). Nədir sözün, qardaş nə istəyirsən? İmamqulu. Heç, bir elə artıq iş yoxdur... Deyirlər ki, hacı belə olubdur (şəhadət barmağın salıb ağzına çıxardır). Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm. Vəssalam. Nə lazım, qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil. Əşrəf bəy. Buyur görək nə hesabdır. İmamqulu. Hacının özünü görmək olmazmı? Dilbər xanım. Hacı naxoşdur, yatır. Nədir sözün onu de? İmamqulu. Hacını bu gün bazarda gördüm. Allah göstərməsin, çox yaman gündə. Allah kömək eləsin. Nə deyim... Ancaq, qardaş, bir çin külfətim var, zarafat deyil. Əşrəf bəy. Allah xatirinə, qardaş, sözünü de, rədd ol, tul eləmə. İmamqulu. Niyə belə tələsirsiz, ay bəy? Sizi mən burada yemirəm ha. Əşrəf bəy. Əstəğfürullah! Ay tıntın qırışmal, hesabın nədir, onu de, artıq bizə niyə əziyyət verirsən? İmamqulu. Ay bəy, niyə belə kəmhövsələsən? Deyirəm, qardaş, hesabım var, hacı özü yaxşısını bilir. Əşrəf bəy. Cəbi, Allah xatirinə bu kişini çölə çıxart! Füzul oğlu füzul, ovqatımızı təlx elədi. Nə qanır, nə qandırır. İmamqulu. Qanmayanda mən də hacı kimi dəli olmamışam! Belə ona bir cüt başmaq tikmişəm, onun pulunu istəyirəm, vəssalam... Zarafat deyil, qardaş, bir naxır külfətim var. Əşrəf bəy. Tfu, füzul oğlu füzul! Pulu nə qədərdir, ayı, pulu? Qanırsanmı? İmamqulu. Sən məni söyə bilməzsən, ixtiyarın yoxdur! Cəbi. Ala bu sənin bir manatın, sürün buradan cəfəng oğlu cəfəng, yoxsa çənəni oynadaram! İmamqulu (gedə-gedə). Sən öləsən, heç yel də olub yanımdan ötə bilməzsən. Cəbi. Rədd ol, heyvan! (Gedirlər.) Əşrəf bəy. Vay müsəlman qardaş, tərbiyəsiz, vəhşi qardaş... Xudaya, nə vaxt biz bədbəxtlər elm tapıb, heç olmazsa rəftarın qaydasını öyrənəcəyik? Hər bir müsibətdən artıq bizim nadan olmağımızdır. Cəbi (daxil olub). Ay bəy, bundan bədtəri gəlir. Xanım sən buyur o biri otağa. Dilbər xanım. Xudaya, dəxi nə qaldı bizim başımıza gəlməmiş ola? (Gedir.) Əşrəf bəy. Qoy gəlsin görək nə buyurur. Eşidiblər ki, hacının malı batıb, özü dəli olub; onun külfətinə təsəlli vermək əvəzinə, hərəsi bir balta götürüb kişinin evin yurd eləməyə... və adlarını müsəlman qoyublar... Atəşpərəstliyə heç layiq olmayanlar... Mayor və Cəbi daxil olurlar. Mayor. Hacını görmək olarmı? Əşrəf bəy. Xeyr, hacı naxoşdur... Mayor. Cəhənnəmə naxoş olsun, gora naxoş olsun... İndi mənim taxsırım nədir ki, tərləyə-tərləyə bu uzun yolu gəlmişəm? Deyən gərək bihəya oğlu bihəya, pul almısan, niyə vədəsində vermirsən? Bir on gün bundan əqdəm lap nahaq yerə qoymadım gədələr onu saqqallayıb, bazar aşağı sürüsünlər. Əşrəf bəy. Bəy, bir az atınızın başını çəkin! Mayor. Sən nəçisən və nə cürət edib o sözü mənə deyirsən? Məni tanımırsanmı? Əşrəf bəy. Xeyr. Ancaq görürəm ki, adamsan, əlli-ayaqlı və qulaqlı... Mayor. Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdi? Əşrəf bəy (kənara). Fuş... (Mayora.) Bəy, sizdən çox təvəqqe eləyirəm uzun eləməyin, tələbiniz nə qədərdir, onu buyurun. Mayor. Qabaqca mənim sualıma cavab ver görüm Məhəmmədin oğlu deyilsənmi? Xa, xa, xa! Xalqa it hürər, bizə çaqqal. Əşrəf bəy. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz? Mayor. Əgər mən səni bu sözün üstə bazarda gədələrimə çubuq ilə döydürməsəm, bu papaq mənə haram olsun! Səbr elə! Əşrəf bəy. Mən əgər bilsəydim ki, siz mənim sözlərimi başa düşə bilərsiz, yaxşı cavab verərdim... Çifayda... Yaxşısı budur ki, tələbinizi buyurasız. Mayor. İndi hər nə istəyirsən de, qəbulumdur. Ancaq axırını gözlə, gör başına nələr gətirəcəyəm. Əşrəf bəy. Təvəqqe eləyirəm müzayiqə eləmiyəsiz... Tələbinizi buyuruz. Mayor. Aşkara deyirəm: hərgah mənim iki yüz əlli manatım bu saat özümə çatmasa, bu evin palaz-paltarın çölə tullayacağam. Canım, Mirzə Petros bir ağıllı kişidir, doğru deyir. Hacı olub dəli. Dəliyə gərək qəyyum tikilə, ondan sonra mənim pulum özümə çata... Mən onu gözləyə bilmərəm, heç vaxt! Əşrəf bəy. Yəqin hacının sizdə təməssükü var, çıxardın görək. Mayor. Əlbəttə var. Onsuz mən bir adama pul vermərəm. Ala. (Verir təməssükü.) Əşrəf bəy. Siz də buyuruz: bu bir yüz, bu iki yüz, bu da əllisi... Təvəqqe eləyirəm, bilatəxir təşrif aparasız. Cəbi (qapını açıb). Ağa, izal olun! Mayor. Neylək, eybi yoxdur, qeyri hesablarımız dursun görək. (Gedir.) Cəbi. Haqqınız çatdı, kifayətdir, buyuruz!.. Buyuruz, ağa! Əşrəf bəy. Cəbi, Allahı sevərsən, get darvazanı bağla, dəxi mən təngə gəldim. Cəbi gedir. Əşrəf bəy (tək). Adın müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin... Bu saat yer üzündə nə qədər müsəlman var, cəmən zəlalətdədirlər... Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb... Elm yox, tərbiyə yox, ədəb yox... Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək... Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah? Yazıq, bədbəxt, biçarə müsəlman!.. Cəbi (tələsik daxil olub). Ay bəy, muştuluğumu ver, Hacı Salman əlində bir kağız “xeyir xəbər, xeyir xəbər” çığıra-çığıra budur gəlir! Əşrəf bəy. Heç küyə salma, qoy gəlsin görək nə xəbərdir? Gedir qapıya tərəf, Hacı Salmanın səsi gəlir. Əşrəf bəy (qapı ağzında). Allah sizi xeyir xəbər eləsin, hacı əmi, buyurun görək! Hacı Salman (daxil olub). Hacı əmin sənə qurban, bu teli bir oxu. Əşrəf bəy (oxuyur). Рагим в Батуме, груз был застрахован 90 тысяча рублей, ура! Mexti. Mehdi yazır ki, Rəhim Batumda, yük straxovoy olunub doxsan min manata. Hacı Salman. Yük, yəni barama. Şükür olsun pərvərdigara... Rəhim mənim oğlumdur, Mehdi bacım oğlu... İndi bilirsən, qadonu alım, nə var? Mən burada qala bilmərəm, çünki gərək özümü maşına yetirəm... Sabah sizə tel vurram. Hacı Qəmbərə bu əhvalatı bir növ xəbər verin, bəlkə biçarə kişi bir az özün düzəldə... Hələ ki, xudahafiz. Ev adamların da mənim tərəfimdən mübarəkbad eləyin, gözləri aydın olsun. Hələ ki, xudahafiz! Durmaq yeri deyil. Əşrəf bəy. Buyurun, hacı əmi, Allah sizi xeyir xəbər eləsin. Xoş gəldiz. Cəbi. Belə sənin kimi kişiyə bu Cəbinin balaları qurban. Get, get, pəhləvanım! Get, nərim, Allah səni şad eləsin. Hacı Salman (gedə-gedə). Çox sağ ol, Cəbi, çox sağ ol. (Gedir.) Cəbi (bərkdən çağırır). Ay xanımlar, gəlin ha, ha! Allah, sənə şükür, qaz vurulub, qazan dolub. Gəlin ha, ha! Dilbər xanım, Cavahir və Yetər gəlirlər. Dilbər xanım. Dilim tutuldu, başınıza dönüm, nə var? Əşrəf bəy. Qərq olan barama əvəzində hacıya qırx beş min manat pul çatır. Cəmən. Allah, sənə şükür! Allah, sənə şükür! Cəbi. Yol verin, yol verin, ay qız Yetər, belə dur. (Ağzı ilə çalıb-oynayır.) Cəmən. Allah, sənə şükür! Allah, sənə şükür! Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər. Əşrəf bəy. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur. Hacı Qəmbər. Mən bu sözü səndən bir aydır eşidirəm. Bu gün sabah, bu gün sabah! Pəs bunun axırı nə vaxt olacaq? Doğrusu inanmıram, qardaş. Məni sən heç qınama. Rus işidir, yağmadı, bitmədi... O zaftra, zaftranı mən çox görmüşəm. Ta ki, pul gəlib əlimə çatmasa, rahat ola bilmərəm. Vəssalam. Əşrəf bəy. Mən sizi heç qınamıram, ancaq onu mənzur eləyin; həkim bir kəlmə deyir ki, əgər hacı xiffət eləsə, fikir eləsə naxoşluğu təzədən geri qayıdacaq. Özüvüz bilin. Hacı Qənbər. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, əgər bu iş dürüst olmasa, mən gərək Hacı Salmanı dünya üzündə qoymayım sağ qala. Vəssalam. Zalım oğlu zalım elə “qaz vur, qazan dolsun” deyə-deyə mənim evimi yıxdı. Əşrəf bəy. Bu sözü tək mən demirəm, bu xəbəri tamam şəhər danışır. Əgər siz bu tellərə də inanmayanda, mən dəxi bilmirəm sizi nə tövr inandırım. Hacı Qəmbər. Əşrəf, sən hələ uşaqsan, dünyanın işin bilmirsən. Hər saatın bir hökmü olar... İşdir, olmadı, olmadı; yağmadı, bitmədi... Mən özümü güclən inandıra bilmərəm! Əşrəf bəy. Eybi yoxdur, inanmırsız inanmayın, əlbət pul gələndə inanarsız. Dilbər xanım (daxil olub). Deyirəm, Əşrəf, dünyanın işinə bax, o gün gözümün içinə hırıldayanlar bu gün bilmirlər mənə nə qayda gözaydınlığı versinlər... Məsciddən evə gələnəcən yol uzunu bir arvad qalmayıb deməsin: “A Dilbər xanım, gözünüz aydın olsun, Allaha şükür, pulunuz çıxıb”. Mən də ürəyimdə dedim: “Ölün, canınız çıxsın”. Əşrəf bəy. İndi gəl kişini inandır ki, bu xəbər doğrudur. Hacı Qəmbər. Allahı sevirsiz, məndən əl çəkin. Nə istəyirsiz? Mən bilirəm mənim evim yıxılıbdır, dəxi artıq danışmaq nə lazım?.. Mən uşaq deyiləm ki, başa düşməyim. Mənə siz təsəlli verirsiz ki, mən artıq fikir eləməyim; qorxursuz ki, naxoşluğum geri qayıda. Əşrəf bəy. Pa-a-a, rəhmətliyin oğlu, bizi lap ələ salmısız. Biz şadlığımızdan bilmirik nə eləyək, bu da elə öz dediyin deyir... Vallah, sizin acığınıza Aşıq Vəlini çığırıb burada qiyamət eləyəcəyəm... Axırda görək kim peşman olacaq. Hacı Qəmbər. Mənim sizlən işim yoxdur, hər nə istəyirsiz, onu eləyin... Mənim bu işim özü elə bir böyük zurnadır. Əşrəf bəy. Çox yaxşı, çox əcəb! İndi ki sizin zurnavuz var, qoy bizim də barı sazımız olsun... Cəbi! Cəbi! (Çağırır.) Bax, bu canım ölsün ki, Hacı Salman elə doğru deyib: qaz vurmusan, qazan da dolub. (Cəbi daxil olur.) Cəbi, get Aşıq Vəliyə deyinən ki, bu saat sazın da götürüb yoldaşlarilə buraya gəlsin. Cəbi. Bay, sənə qurban olum!.. Bunu çoxdan elə də! Başın üçün, Əşrəf bəy, bu xeyir xəbəri eşidəndən bəri var-yoxumdan əl çəkmişəm. Bax, bircə manat Seyid Əzimə vermişəm, bir üç manat qara pul fəqir-füqəraya paylamışam. Şükür sənə, Allah, gündə min kərə şükür! Hacı Qəmbər. Kor nə istər? İki göz, biri əyri, biri düz... Allah eləsin, nə deyirəm?.. İstəyirsiz zurnaçı da gətirin. Cəbi. Bax belə söylə, mən də deyim ki, bu gün bayramımızdır... Düşməni öldürmüşəm, canına od qoymuşam. Aşıq Vəli qonşuda! Cəbi, vur, bacının toyudur. (Gedir.) Əşrəf bəy. İndi mən bilirəm şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb. Dilbər xanım. Hacı Mehdinin arvadı məni görüb deyir: “Ay qız, Dilbər, barı bu xəbər doğru olaydı... Vallah, o qədər şad olmuşam, o qədər şad olmuşam, dəxi nə deyim”. Mən də ürəyimdə dedim: “Yalansa qudurub, çiynini qapasan”. Hacı Qəmbər. Ay balam, deyəsən, mən də yavaş-yavaş inanıram axı. Əşrəf bəy. Nə lazım inanmaq? Hələ inanmayın. Qoy Aşıq Vəli gəlsin. Dilbər xanım. Bizə nə düşüb görəsən, adam alladaq? Kişi, sən özünü suya batmış toyuğa oxşatdın. Cəbi (daxil olub). Aşıq Vəli, buyur. Ay uşaqlar, siz də gəlin... Gəlin görək, nə tövr nəğmə başlayacaqsız. Aşıq Vəli (və qeyriləri daxil olub). Salam əleyküm, ağalar... Əşrəf bəy. Əleyküm salam, Aşıq Vəli. İrəli gəl görək... Sənə bir az zəhmət verəcəyəm. Aşıq Vəli. Hər nə buyursanız, nökəriniz Vəli, can-baş ilən qulluğunuzda hazırdır... Ancaq bir şey ərz eləyim. Məni Cəbi çağıranda ki, sazını da götür gəl, biədəblik eləyirəm, uşaqların anası zəli kimi yapışdı ki, bir az dayan, sözüm var... Arvad, Allaha bax, tanrıya bax, çağırırlar, məndən əl çək, xeyir olmaz, dayan... Rədd ol tünbətünün nəvəsi! Başıma bir qapaz... Dedim eybi yoxdur, sonra hesablaşarıq. İndi başınıza dönüm, qulluğunuza bir neçə kəlmə söz ərz eləyim: hansı arvaddan həzər etmək gərək? Fəda olum, hacı, bir az başağrısı verəcəyəm, əfv buyurasız... Əlhəmdülillah ki, o xeyir xəbəri ki, mən eşitmişəm, o məni artıq şad eləyib. Dilbər xanım. Hər nə deyəcəksən de, ancaq mən onu bilirəm ki, arvadsız kişiləri qarğalar basıb yeyərdi. Birisi də bax bizim bu kişicığaz. Aşıq Vəli. Hanı elə qarğalar məni basıb yeyəydilər, canım qurtaraydı Pərizadın əlindən? Axmağın qızı dünən mənim üçün başın tərpədirdi. Deyir ki, Səttar kişinin arvadı alışdım-yandımdan özünə libas tikib, nə bilim kimin arvadı qayçıkəsməzdən tuman tikib, kimi zər-zərdən, kimi zərxaradan, kimi gendədurdan, kimi qonşunun canıçıxsından. Nə bilim, başına dönüm, qana da bilmirəm qulaqlarım tıqqıldayır. Deyirəm, ay arvad, nə olsun axı? Deyir belə dərd olsun, vərəm olsun! Sən də aduvu kişi qoymusan? Başıma bir qapaz. Bizim Pərizad indi belə Pərizaddır. (Gülüş) Əşrəf bəy. Bəs hansı arvaddan həzər etmək gərək, Aşıq Vəli, de görək. Aşıq Vəli. Ərz eləyim, ay ağalar, o arvaddan həzər etmək gərək ki, sübhdən axşamacan dodağının altında həmişə donquldana. Əşrəf bəy. Xalasına lənət!.. Aşıq Vəli. Genə o arvaddan həzər etmək gərək ki, təzə ərinin yanında rəhmətlik ərini tərif eləyə. Cəbi. Bizim Şahsənəm kimi. Aşıq Vəli. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həmişə öz baxtından şikayət eləyə. Əşrəf bəy. Afərin, Aşıq Vəli... Dalı gəlsin. Cəbi. Ağa, birini də mən deyimmi? Hacı Qəmbər. Bacarırsan de, Cəbi. Dilbər xanım. Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə! Cəbi. Al gəldi, Aşıq Vəli! O arvaddan həzər etmək gərək ki, hansı ki əri evə gələndə sımsığın sallaya, əri evdən gedəndən sonra şıllaq ata. (Gülüş.) Əşrəf bəy. Aşıq Vəli, al üstün. Aşıq Vəli. Yenə o arvaddan həzər etmək gərək, Əşrəf bəy ki, cavanlığında min bəd əməl eləyib, axırda mərsiyəxanlıq bina edə. Hacı Qəmbər. Mən ömrümdə arvad mərsiyəxanının cəmini elə gördüm. Lənətüllah!.. Əşrəf bəy. Aşıq Vəli bu gün qiyamət eləyir. Hm, dalı gəlsin! Aşıq Vəli. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həftədə birinə siğə olmuş ola. Cəmən. Xa, xa, xa!.. Cəbi. Aşıq Vəli, demə ki, qanmadı ha, axırda mənə sataşdın. Sən öləsən, hərgah bu söhbəti Bədirnisa xalam eşitsə, sənin bığında bir tük qoymaz qala. Aşıq Vəli (sazı kökləyə-kökləyə). Bədirnisa xala, Əşrəf bəy, bir elə artıq siğə olmayıb. Bir Kərbəlaya gedəndə olub, bir Xorasana gedəndə, bir, iki ya üç mərsiyəxana, bir üç-dörd mollaya, vəssalam. Bir yol da meylində var idi ki, nökərinizə siğə olsun, Pərizaddan qorxdum. Cəmən. Xa, xa, xa!.. Xa, xa, xa... Aşıq Vəli. (çalıb oxuyur) – Ey əzizim, uyma bu puç dünyayə, Axır salar səni yaman sevdayə. Nazü nemətinə çox həris olma, Allanma dövlətə, gəzgilən sayə. Təhtanı, fövqani qəsrinə baxma, Xəz xirqəsinə su kimi axma. Qızıl eynəkləri fəxr edib taxma, Mübahat eyləmə zərrin əbayə. Bunlarmıdır, gözüm, insana ziynət? Bunlarla insanlıq olmaz həqiqət. Lazımdır insana, bil ki, mərifət, Mərifətsiz vermə ömrün fənayə. Adımı soruşsuz, Aşıq Vəliyəm, Axtarmayın ağıllı, ya dəliyəm, Nə Bakı, şirvanlı, nə gəncəliyəm, Hardan olsam, bir bəndəyəm xudayə. Hacı Qəmbər. Ay sağ ol, Aşıq Vəli. Çox sağ ol, qardaş!.. Yaxşı sözlərdir. Dilbər xanım. Bərəkallah, bərəkallah, Aşıq Vəli! Əşrəf bəy. Gəlsin qulluği-şərifinə bir üç danə manat. (Üç manat verir.) Aşıq Vəli. Şərafətiniz artıq olsun, ay bəy! Allah o günü eləyəydi ki, sizin də toyunuzu görəydim. Dilbər xanım. Aşıq Vəli, indicə dedin ki, hansı arvaddan həzər etmək gərək. Əgər hünərin var, de görək kişilərin hansından həzər etmək gərək? Aşıq Vəli. Belə mənim bax bu gözüm üstə! Qulaq as, xanımcan, bir-bir ərz eləyim... Əvvala kişilərin şərir, biirzinə lənət. Dilbər xanım. Qoçum, Aşıq Vəli, çox de! Aşıq Vəli. Üzdə bir, batində qeyriyə lənət! Əşrəf bəy. Amin! Aşıq Vəli. Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət! Əşrəf bəy. Vallah, Aşıq Vəlinin bu sözləri layiqdir ki, minbərdən deyilsin. Mərhəba, mərhəba, Aşıq Vəli. Aşıq Vəli. Məqami-ehtiyacda dost olub, sonra dostluğu, aşnalığı kəsənə lənət! Əşrəf bəy. Bərəkallah, Aşıq Vəli, de, qardaşım, de! Aşıq Vəli. Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! Ay Cəbi, mən ölüm, əgər acığın tutsa da, Allaha pənah, sənin özünə də lənət ki, Zeynəb arvadın oğlunu, divanda yalandan and içib şəhadətlik edib, vilayətdən yox elədin! Biçarə arvad əli qoynunda, nalə edə-edə qalıbdır. Cəbi. Odur ki, Allah məni gündən-günə zəlil edir də! Doğru deyirsən, Aşıq Vəli, Allah səbəbə lənət eləsin. Hacı Qəmbər. Bu söhbəti qoyun dursun... Aşıq Vəli, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Başla görək, qəza başımıza nə gətirəcək. Aşıq Vəli. (çalıb oxuyur) – Ay ağalar, qulaq verin ərzimə, Sizlərdən elərəm bu iltiması. Cəhd eləyin dünyayə bənd olmayın, Heç kimə olmayıb dünya vəfası. Allanma dünyanın mülkü malına, Nə qədər çox olsa, çoxdur cəfası. İnsanın ziynəti elmdir, ədəb, Nə xirqəsi xəzdən, tirmə libası. Hacı Qəmbər. Çox sağ ol, Aşıq Vəli, çox sağ ol. Qıdı kirvə (daxil olub). Adə, nə çox adam vaaar!.. Hacı Qəmbər kirvə, Allah saxlasun, bağışla bir az vurmuşam, kepim kökdür... Xanım, Allah saxlasun... Paaa, Əşrəp bəy, Əşrəp bəy, Allah saxlasun! Kepin-damağın, Allah səni də saxlasun, ay Cəbi... Allah sizi də saxlasun, ay uşaqlar! Allah məni də saxlasun. Bir az vurmuşam, bağışlayın. Hacı Qəmbər. Necəsən, ay kişi, çoxdandır səni görmürəm. Necə dolanırsan, qocalmamısan ki? Qıdı kirvə. Allahın dövlətindən kepim çox yaxşıdır... Bir az da vurmuşam, pışdırım çalıram. Gecə-gündüz dəyirman işləyir, qatırlarım saz, kepim saz. Tut arağı bol, çaxır bol, kartoflu qazanı da ocaq üstündən düşmür... Əşrəp bəy kimi otuz qonaq gəlsə, qonşuya getmərəm, dükana getmərəm, elə toyuq kəsərəm, biri bir quzu kimi. Əşrəf bəy. Allah eləsin, Allah eləsin, ay kişi. Eşitdim özün də bir cahıl arvad almısan, doğrudurmu? Qıdı kirvə. Ərz eləyim qulluğuva. Elə ki, bizim pağır qarı Allah rəhmətinə getdi, gördüm ki, dolana bilmirəm. Əlacımı Allah kəsdi, getdim bir qocapəndi dul arvad aldım gətirdim. İndi kepim saz, öz qarımla dolanıram. Əşrəf bəy. Ay Qıdı kirvə, eşitmişəm ki, sən bizim hacıyla lap uşaqlıqdan aşnasan, doğrudurmu? Qıdı kirvə. Mən sənə bir-bir nağıl eləyim, Əşrəp bəy, sən də qulaq as, kepin kök olsun... Mən hacını on iki yaşından tanıyıram. Mənim rəhmətlik atam, Allah sizinkinə də rəhmət eləsin, sağ idi... İki də eşşəyimiz var idi. Mən buğda daşıyırdım dəyirmana. Hacı həmişə bizim kəndə gələndə bizim otağa düşürdü... Belədir, Qəmbər? Hacı Qəmbər. Belədir... Doğrudur. Qıdı kirvə. Buna mən bu gün elə hacı deyirəm ha. Həmişə mən Qəmbər deyirəm. Qulluğuza ərz eləyim, Əşrəp bəy, bu cahıl vaxtı bir laçın oğlandı, bir laçın oğlandı ki, bərabəri yoxdu... Əşrəp bəy, bir az səbr elə, bir burunotu çəkim. (Yavaş-yavaş burunotu çəkir.) Mən özüm də çox qoçaqdım ha! Elə indi bu saat da genə zalım adamam... Müsəlmanlar yorğan-döşəkdə xoruldaya-xoruldaya yatan vaxt mən şəhərə gedib, ev yiyəsini güclən durdurub, dən apararam dəyirmana... Qol yoğunluğunda buğlarımdan buz sallana-sallana gecələr iş görərəm... Bu hacını görürsən, Əşrəp bəy? Ha bunun anası ölsün, bir belə zalım oğlan heç olmaz idi. Vallah, elə gecələr ki, göz-gözü görmür, yağış göydən tökülür, elə bil ki, sel gəlir, görürdüm ki, Qəmbər qabağında bir eşşək, suyun içində, budur gəldi... Qıdı, qapını aç! Rəhmətlik atam deyirdi ki, balam bu gədə dəlidir, nədir... Belə gecələrdə çölə çıxmaq olar ki, bu səpərə çıxır? Dilbər xanım. Amma indi ikicə qara pula dəyməz. Qıdı kirvə. Yox a! Elə genə kalapası durur... Bir gün, Əşrəp bəy, Qəmbər dalında bir dağarcıq dən gətirib, mən də dəyirmanda... Səbr elə, burunotu çəkim... Haa... gəldi ki, Qıdı, bu dəni gərək üyüdəsən! Dedim, ada, görmürsən ki, təknə doludur?! Yox, olmaz... Bu dedi, mən dedim, axırı ki, özgənin sarı buğda unuyla dağarcığı doldurmuşam ki, get! Hələ getməyəcəyəm... Gərək bir kömbə də yeyim gedim! Ada, Allaha bax ki, vallah olmaz... Olmadı, kömbə də bişirdim... Peşman oldum dedim ki, “durum içim arağı”. Qəmbər başladı “sonra qırxgilən parağı”. Ada, parax nədi? Ki, bəs it adıdır... Bi!.. Sənin evin yıxılsın gədə! İndi başına dönüm, Əşrəp bəy, bu Qəmbər belə Qəmbər idi... Baxışlayasız, çox naqqallıq elədim, gedim görüm qatırlarım necə oldu. Cəmən. Xoş gəldin. (Qıdı gedir.) Aşıq Vəli. Ağalar, mən də qulluğunuzdan mürəxxəs olum. Əşrəf bəy. Xoş gəldin... Allah qoysa genə görüşərik. (Aşıq Vəli Cəbiynən gedir.) Hacı Qəmbər. Mən bir belə dayanatdı erməni görməmişəm. Bunlar mənə o qədər hörmət ediblər ki, ölənəcən yadımdan çıxmaz. Əşrəf bəy. Görünür ki, qoçaq adammış. Görəsən bunun bir yetmiş sinni olarmı? Hacı Qəmbər. Gərək artıq olsun. Cəbi (hövlnak daxil olub). Ağa, sənə qurban olum, Hacı Salman elə gəlir, elə gəlir, ildırım kimi! Əşrəf bəy. Əlhəmdülillah! Hacı Qəmbər. Qabağa çıx, ay gədə, tez ol! Ya Allah, sən özün rəhm elə! Hacı Salman (içəri girməmiş). Cəbi, ay gədə, hacı evdədirmi? Cəbi. Evdədir, başına dönüm, evdədir. Buyur, buyur, sənə qurban olum. Hacı Salman daxil olur, əlində qayış torba. Hacı Qəmbər və Əşrəf bəy ayağa dururlar. Hacı Salman (kənardan). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? Hə, necəsən, yassar kişi? Qorxaq kişi! Dəxi mənəm-mənəm deməyəcəksən ki? Əşrəf bəy, salam əleyküm. Əşrəf bəy. Əleyküm salam. Hacı əmi, özü doğru, sözü doğru, biəvəz kişi! Hacı Salman (əlin Hacı Qəmbərin çiyninə qoyub). Hacı yoldaş, dəxi bundan sonra başına hava gəlməyəcəkdir ki? Bazara çıxıb məni söyməyəcəksən ki? De görüm!.. Hacı Qəmbər. Keçənə güzəşt deyərlər. Bəri gəl üzündən öpüm! Hacı Salman. Nə tövr ki, sənin xahişindir. (Öpüşürlər.) Əşrəf bəy, sənin canın üçün, maşından düz buraya gəlmişəm, heç evdən xəbərim yoxdur. Dedim ki, gərək qabaqcan kişini sakit edəm, sonra evə gedərəm... İndi, hacı qardaş, bu pulu say, mənə də bir qəbz şəfaət elə, sonra qulluğunuzdan mürəxxəs olum... Evdə də bilirəm nigarandırlar. (Hacı Qəmbər pulu sayır.) Əşrəf bəy. Bu gün sabahdan indiyə kimi hacını inandıra bilmirəm ki, siz gələcəksiniz və qırx beş min manat pul gətirəcəksiniz. Hacı Salman. Zarafat iş deyil, Əşrəf bəy, qırx beş min manat ağızda deyilir. Siz onu heç qınamayın. Cəbi (Hacı Salmana). Hacı, ağa, bilmirəm, vallah, sənin əlindən öpüm, ayağından öpüm... Allah ömrünüzü uzun eləsin, hər bir xətadan, bəladan saxlasın! Hacı Salman. Allah razı olsun, ay Cəbi. Mən burada bir artıq iş görməmişəm... Kömək Allahdandır... Hə, hacı yoldaş... hamısı qatdanmamış yüzlüklərdir ha! Əşrəf bəy. Şükür Allaha ki, hacı dincəldi. Yoxsa yediyimizi-içdiyimizi bizə haram edəcəkdi. Hacı Salman. Qınama, qınama, Əşrəf bəy. Allah heç bəndəyə göstərməsin, böyük müsibət idi. Zarafat deyil, qırx ildə əziyyət çəkib yığdığın dövlət bir gündə əldən gedə, qalasan müflis. Hə, hacı, saydın? Hacı Qəmbər. Bəli, buyur bu da qəbz. Allah sizdən razı olsun... İndi gəl, dübarə üzündən öpüm. Hacı Salman. Ay yazıq kişi... Gəl. (Öpüşürlər.) Hələ ki, xudahafiz. Cəmən. Xoş gəldüz, Allah razı olsun! Hacı Salman (gedə-gedə). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? (Gedir.) Hacı Qəmbər (dizi üstə çöküb üzü qibləyə). Xudavənda! Şükür böyüklüyünə... Qurtardım zillətdən. Cəmən. Gündə min kərə şükür! Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. Əşrəf bəy daxil olur. Əşrəf bəy. Gəldik çatdıq Mərəndə... İndi bir qoçaq oğlan istərəm burda mətləbi açıb iş düzəldə... Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır... İndi mən neyləyim?.. Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm... Hərçi badə bad... Ay Allah qonağı istəyən! Ay uşaq, evdə kim var? Dilbər xanım (daxil olub). Bizə nə yaxşı qonaq gəlib, ay Allah! Əşrəf, yaxşısanmı, başına dönüm? Bir belə müddətdə bir yol heç olmasa bir kağız da yazmırdın... Bir adam da göndərmirdin. Əşrəf bəy. Sizin canuvuza, macalım olmur, gecə-gündüz əlləşirəm; əkinçilikdir, nə bilim bağdır, dəyirmandır, asudə deyiləm... Dilbər xanım. Hacı hər gün xəbər alır görəsən nə oldu ki, Əşrəfdən bir xəbər çıxmadı? Əşrəf bəy. Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilmirəm. İşi də götürmüşəm böyük. Qapıdakı gədələr də gecə-gündüz mənlən əlləşirlər... İndi əlhəmdülillah evi tamam elədim, bağ-bağça öz yolilə düzəlir. Ancaq təkəm, bu yaman dərddir. Dilbər xanım. Bu zəmanədə ev işi hər bir işdən asan olub, ancaq özün xahiş eləyəsən. Əşrəf bəy. Mənim kimi yetimin işi bu barədə asan ola bilməz. Mənim bir kəsim yoxdur, səndən və hacıdan savayı. Dilbər xanım. Hər kimin qızın istəsən, heç sənə müzayiqə eləməz, hələ deyəsən yalvarar verər... Sən göstər, mən gedim bir gündə tamam eləyim. Əşrəf bəy. Məni bağışlayın, xala, tərkədəblik də olsa əlacım yoxdur... Nə lazım özgə qapısına getmək... Təvəqqe edirəm ki, məni siz və hacı oğulluğa qəbul eləyəsiz. Ərzim Cavahirin xoşbəxtliyidir. Dilbər xanım. Cavahirin başını kəsməyə sənin ixtiyarın var, xalan sənə qurban!.. Sən bacımın balası, yadigarısan. Mənim artıq sözüm ola bilməz. Ancaq bilirsən, qadanı alım, lazımdır ki, bu işdə atasının və qeyri övladın xeyir-duası olsun. Kişi gələr evə, açıb ona deyərəm və onun nə cavabı olsa, sənə məlum edərəm. Əşrəf bəy. Sahib ixtiyarısız. Ancaq təvəqqe eləyirəm mənim bu cür rəftarımı biədəb hesab eləməyəsiz. Dilbər xanım. Nə danışırsan, Əşrəf? Kim sənə biədəb deyə bilər? Vallah, üzünə demirəm, sənin kimi cavan hələ bizim şəhərimizdə olmayıb. Əlavə, sən məgər özgəsən? Əşrəf bəy. Mən həmişə sizi anam yerində qoymuşam... Allah şahiddir ki, bu sözdə xilaf yoxdur. (Saata baxıb). Yolum uzaqdır, xala, mənə rüsxət verin qulluğunuzdan mürəxxəs olum. Dilbər xanım. Get, xalan sənə qurban. Hələ bu günlərdə, sənə xəbər göndərərəm. Əşrəf bəy. Xudahafiz. Dilbər xanım. Xoş gəldin... (Əşrəf bəy gedir.) Mübarək işdir, Allah çox xeyir versin... Bu halda şəhərimizdə Əşrəfdən münasib oğlan yoxdur... Cavahir əlbəttə bu işə razıdır, artıq söz ola bilməz. Mənim heç ümidim yoxdu ki, Əşrəf bəy bu fikrə düşə... Bundan sonra düşmən dəxi artıq yanacaq. Olsun, olsun! Yetər, Yetər. (Çağırır.) Artıq saxlamaq lazım deyil, bu günlərdə işi tamam elərik. (Yetər daxil olur.) Yetər, otağı yığışdır, hacının gələn vaxtıdır... Cavahir görəsən paltarı tikib qurtardımı? (Gedir.) Yetər. Əşrəf bəy gələn kimi mən o saat duydum. Cavahir özü də elə eşitdi... Allah mübarək eləsin, heç belə münasib iş olmazdı... Tək oğlan, əl-ayağına dolaşan yox, cavan, göyçək, özü oxumuş, mülk-maşı. Artıq nə lazım? Buna deyərlər: nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım... Allah öz birliyi xatirinə mən yetimə də bir bəxt açsın. Hacı Qəmbər (daxil olub). Ay qız, Yetər, nə qayırırsan, bala? Yetər (başını aşağı salır). Heç, otağı yığışdırıram. Hacı Qəmbər (zənnlə Yetərin üzünə baxır). Başını niyə aşağı salmısan, ay qız? Yuxarı bax görüm. Niyə rəngin qaçıb, naxoş-zad deyilsən ki, yaxın gəl görüm. Sənə yaxın gəl demirəm? (Gedib Yetərin qolundan tutur). Üzünə nə olub, qaralıb ay qız? (Çənəsindən qalxızır.) Kömürçü ha deyilsən. (Yetər yavaşdan çəkilib getmək istəyir.) Yetər... Yetər (dayanır). Bəli. Hacı Qəmbər. Get mənə bir az soyuq su gətir... (Yetər gedir.) Qəribə işə düşmüşəm, bir dəqiqə qızı görməyəndə dəli-divanə oluram... Bir xətadan qurtarıb dübarə təzə xətayə düçar olmuşam. Bilmirəm də nə tövr eləyim. Kəbindən savay bir əlac yoxdur, şəriətə görə də bu bir böyük savabdır. Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə lətifəni əldən qoysam mənə axmaq deyərlər. Hərçənd məsəldir “köpəyin iyə düşəni tuladan yeyin olar”, amma hələ mənə bu sinnimdə köpək demək olmaz, mən özümü heç bir cavana tay tutmaram. (Yetər su gətirir, hacı almır). Ay qız, Yetər, sən lap yekə qız olmusan ha, indi gərək sən on altı, ya on yeddi yaşında olasan... Sən bizim evə gələndə lap balaca uşaqdın... Ay qız, üzünü niyə yumursan? İstəyirsən sənə bir ətirli sabun alım? Yetər (kənara). Qana bilmirəm bu nə deyir. (Hacıya.) Əgər içmək istəmirsiz, aparım. Hacı Qəmbər. Yetər, gərək sənin atan-anan yadına düşməyə, sən çox balaca idin. (Yetər suyu yerə qoyub gedir.) Acığı tutdu. Eybi yoxdur, yavaş-yavaş yola gətirrəm. Hələ ürkütmək lazım deyil. Pəh, pəh, pəh! Nə qədər dedikcən gözəldir. Ondan masəva novrəstədir. Ah, dünya beş gündür, beşi də qara... Bir az istirahət elərik, əcəl yetib Əzrayıl da gələndə deyərik buyur! Dilbər xanım (daxil olub). Ay kişi, yaxşı ki, bu gün tez qayıtdın evə. Sənə bir əhval deyim... Əşrəf bu gün gəlmişdi mənim yanıma. Deyir ki, hacıdan təvəqqe eləyirəm məni oğulluğa qəbul eləsin... Mənim, deyir, bir kəsim yoxdur sizdən savayı... Bu işə indi sən nə deyirsən? Hacı Qəmbər (kənara). Nə yaxşı oldu... Cavahir əl-ayağımıza dolaşmaz. (Dilbər xanıma.) Bilirsən, arvad, nə var?.. Mənim bu axırı kı işimdə Əşrəf bizə həqiqət oğulluq elədi, bizə xəcalət verdi, özün borclu elədi. Ona görə insafdan uzaqdır ki, biz onun sözün yerə salaq. Əlavə mən belə qanıram ki, Əşrəfdən artıq oğlana biz Cavahiri verə bilməyəcəyik. Allah mübarək eləsin. Mən bu işə çox razıyam və şadam. Dilbər xanım. Mən özüm də çox şadam və razıyam. Ancaq indi rüsxət verirsənmi ki, mən bu işə razı olmağımızı Əşrəfə məlum edəm? Hacı Qəmbər. Əgər Cavahir özü də bu işə razı olsa, onda məlum eləyə bilərsən? Dilbər xanım. Məni və Cavahiri qonaq çağırıblar, gərək elə bu saat gedək. Cavahirə də yolda deyərəm. Hacı Qəmbər. Çox yaxşı, elə vaxtdır, gedin... (Dilbər xanım gedir.) Heç bir belə sahmanlı iş olmazdı. Arvadın başın qarışdırrıq Cavahirin işinə, başlarıq Yetərin işini. Qardaş, Allahdan gizlin deyil, bəndədən nə gizlin, dəxi tab-taqətim kəsilibdir, aşkar olmuşam Məcnun. (Gedib qapıdan qulaq asır.) Gedin izalə olun da!.. Mən görüm başıma nə çarə qılıram (səktə). Əgər Yetər razı olsa, mən işi elə bu gün tamam elərəm. İnşallah, Yetər ağasının sözün yerə salmaz... Bir neçə gün xəlvət saxlarıq, sonra Dilbər bilsə də eybi yoxdur. Çox atılıb düşər, mehrin sayaram qabağına, deyərəm xoş gəldin. (Gedib dübarə qulaq asır.) İtilib getməzlər də!.. Əlhəmdülillah, getdilər (səktə). Yetər, Yetər! Yetər daxil olur. Yetər. Nə buyurursuz? Hacı Qəmbər. Getdilər? Yetər. Bəli, getdilər... Hacı Qəmbər. Çox əcəb, çox pakizə. (Yetər getmək istəyir.) Hara qaçırsan, ay qız? Bir az dayan görüm nə var. Cavahirin işinə sən nə deyirsən, razısanmı? Yetər. Mən nəkarəyəm ki, razı olam ya olmayam... Mən bir yetim qız, özüm də qulluqçu. Hacı Qəmbər. Sarsağın qızı, bu evdə əvvəlinci xanım elə sənsən. Ancaq orası var ki, sən o sinnə dolmusan ki, biz şəriətə görə olmuşuq bir-birinə naməhrəm; mən sənin üzünü görüb səsini eşidə bilmərəm; çox günahdır, nə qədər desən günahdır. Yetər. Nə eybi var, ağa, mən bundan sonra sizə heç görünmərəm və danışmaram. Hacı Qəmbər. O nahaq sözdür. Mən elə iş görə billəm ki, sən mənə məhrəm olarsan. Yetər. Mən qana bilmirəm. Bir deyirsən ki, mənə baxmaq günahdır, bir də deyirsən məhrəm olaram. Hacı Qəmbər. Küçüyün nadürüstlüyünə bax a!.. Guya ki qanmır... Nəyindir ki, qanmırsan? Mən səni bu saat başa salım... Bilirsən, Yetər, nə var... Əgər mənim evimin şeylərin və nəqd pulumu hesab eyləsən, əlli beş mindən ziyadədir. Cavahir bu gün-sabah gedir. Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm xoş gəldin. Bir sən qalarsan, bir də mən. Kəbinimizi kəsdirərik. Hər nə olub-qalanım var, hamısını yazdırram sənin adına, olarsan bu evdə xanım. İndi başa düşdünmü, küçük?! Yetər. Mən sizdən təvəqqe eləyirəm bu sözü bir dediz, bir də ağzınıza alıb, danışmayasız. Mən ölənəcən Dilbər xanımın kəniziyəm, kənizi. Hacı Qəmbər. Dəli olmusan, nədir, ay qız? Bir dürüst fikir elə gör Allah-taala sənə nə mərtəbədə böyük bəxt açıbdır. Yetər. Elə bəxti mən istəmirəm. Hacı Qəmbər. Niyə? Belə məlum olur ki, məni qoca hesab eləyirsən də? Sənin Əşrəf bəyin kimi oğlanları mən cücə yerində qoymuram! Sən nə deyirsən? Onun kimi oğlanların beşinə bir yumruq vursam, yerlərindən durmazlar. Məni necə hesab eləyirsən?.. Yassar balası, yassar. Gör məni kimə tay eləyir. Yetər. Nahaq yerə özünüzü tərif eləməyin, olan iş deyil. Hacı Qəmbər. Heç o yan-bu yan eləmə. Bu işdə ölmək var, dönmək yoxdur... Bilsəm ki, məni bu işin üstə dar ağacına çəkəcəklər, genə səndən əl çəkməyəcəyəm. Yetər. Bircə fikir eləyin axır, siz mənə həmişə qızım-qızım demisiz. Hacı Qəmbər. Mənim malım, canım, dövlətim sənə qurban, Yetər. Sən gəl mənim bu sözümü yerə salma. Bilseydin ki, mənim gecə-gündüz qərarım yoxdur, bir saat səni görməyəndə dəli-divanə oluram. Bilseydin ki, malımı, canımı qoymuşam sənin yolunda, bu qədər məni incitməzdin. Yetər. Ağa, belə söhbətdən mənim abırım töküldü... Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. Hacı Qəmbər. Dilbər nəkarədir ki, cürət edib sənə güldən ağır söz deyə bilə. Dünyavü aləmi mən sənin üstündə xaraba qoyaram. Yetər. Ağa, Allah xatirinə məni o məqama gətirməyin ki, sizin yanınızda bihəyalıq eləyim. Mən gedib özümü diri-diri quyuya salmağa razıyam, nəinki bu evə qeylü-qal. Hacı Qəmbər. İndi ki, öz xoşuna razı olmursan, mən bu işi sənsiz elərəm, özü də güc ilən... Mən belə deməmişdim. Dürüst fikrində saxla ki, mən deyənə bitməsən, başuvu it başı kimi kəsəcəyəm və əgər o fikrə düşəsən ki, evdən qaçasan, səni yer deşiyindən çıxardıb genə əl çəkməyəcəyəm... İndi mən gedirəm, sən dürüst ağlını başına cəm elə və bu axşam mənə cavab ver. (Gedə-gedə.) Axmağın balası öz xeyrini də bilmir. Yetər (tək). Belə ağrım sənin özünə də, malına da! Axmaq kişi. Hələ görünür ki, ağlı başına yığılmayıb... Dəlidən hər nə desən çıxar, qorxmaq gərək... Allah heç bir bəndəni yetim, köməksiz eləməsin!.. Hənək-hənək, axırı dəyənək... “Qızım-qızım” deyə-deyə axırda belə kələk?.. Səni görüm, kişi, belin sınsın!.. Qüvvətdən dəm vurur, öləsən ha! Mahmud (daxil olub). Xoş gördük, Yetər! Yaxşısanmı, kefin necədir, nə qayırırsan, nə eləyirsən? Yetər. Xoş günün olsun, ay Mahmud! Nə yaxşı oldu ki, sən gəldin bizə. Mahmud. Məni Əşrəf ağam göndərib. Deyir o işdən mənə bir xəbər. Elə sənin yanına gəlmişəm. Yetər. İşə nə var, iş çoxdan düzəlmiş işdir. Əşrəf bəyə deyərsən gözləri aydın olsun... Mahmud, sən özün bir mənə de görüm sən niyə bizə heç gəlmirsən? Mahmud. Nə bilim, ay Yetər. Vallah, o qədər işim olur ki, başımı da qaşımağa macal olmur. Bir yandan bəyin işləri, bir yandan öz işim. Yetər. Sənin işin nədir? Mahmud. Nə bilim... Özümə bir-iki otaq tikdirirəm, töylə-pəyə tikdirirəm... Əşrəf bəy deyir ki, gərək sən də evlənəsən... Mən də hazırlaşıram, əlac nədir? Yetər. Sən Əşrəf bəyin darğasısan? Mahmud. Əşrəf bəy mənim ağamdır, ölənəcən ondan əl çəkməyəcəyəm... Nəinki darğa, bəlkə hər bir ixtiyar mənim əlimdədir. Yetər. Ay Mahmud, vallah, fikir eləyəndə ki, Cavahir xanım bu evdən gedəcək, az qalır bağrım çatlasın, bilmirəm Cavahir xanımsız mən tək bu evdə necə olacağam. Mahmud. Sən özün də gəl bizim kəndə. Vallah, doğru deyirəm. Nə var burada?.. Kənd yaxşıdır, Allah vurub şəhəri, adam göy ot da görmür. Yetər (gülə-gülə). Hacı məni qoyarmı ki, mən də gedim kəndə?! Mahmud. Sənin fikrin olsun gəlməyə, görüm onda səni kim qoymayacaq. Vallah, səni elə aparram ki, hacı olmasın, lap babası olsun, heç ruhun da inciməz. Qoymaram başından bir tük əskik olsun... Hacı o yan-bu yan eləsə, onun özünü də oğurlaram. Yetər. Mahmud, zarafat o yanda dursun, Cavahir xanım gedəndən sonra nə vaxt sənə sifariş eləsəm, gəl məni apar kəndə. Mahmud. Bax, belə mənim bu gözələrim üstə! Nə vaxt istəsən, mən o saat hazıram. Ancaq sən sözündən dönmə. Yetər. Mənim heç kəsim yoxdur, Cavahir xanım gedəndən sonra mən lap yetim qalacağam, sən ol mənə qardaş. Mahmud. Qardaş deyərsən, qardaş ollam, yoldaş deyərsən yoldaş! Yetər. Çox sağ ol, indi get, hacı gəlib səni burada görməsin, yaxşı olmaz. Mahmud. Salamat qal. Yetər. Xoş gəldin. (Mahmud gedir.) Yetər (tək). Bizim hacıya bax, hacıya!.. “İtin əbləhi qaysavadan pay umar” – buna deyiblər... Siz Allah, görün heç rəvadırmı ki, mən nəsib olam kimə, bir dişi düşük, kaftar kişiyə. Bihəya oğlu bihəya zəli kimi yapışıbdır... Bir neçə gün möhlət verə ta ki, Cavahir xanımın işi qurtara, onda mən öz fikrimi yaxşı çəkərəm... Ancaq qorxuram güclə iş görə. Dəlidən hər nə desən çıxar. Allaha pənah. Cəbi (daxil olub). Ay qız Yetər, ala bu şeyləri. (Səktə) Nə durmusan, al da! Şal, üzükdür, hacı bu saat sandıqdan çıxardıb. Allah sənə bir elə bəxt açıbdır ki, heç kimə müyəssər deyil. Yetər. Apar o şal, üzüyü hacı soxsun gözlərinə, eşidirsənmi? Cəbi. Axmaq olma balam. Adam tarısına təpik atmaz... Bu bir belə xoşbəxtlikdir ki, heç yatıb yuxuda da görə bilməzsən. Yetər. Bu ki, belə xoşbəxtlikdir və hacı sənə xoş gəlir, öz bacın qızını versənə. Cəbi. Yetər, Yetər, mən ölüm incimə... Çünki hacıya getmək istəmirsən, lotu lotuyana gəlsənə mən arvadımı boşayım, mənə gələsən. Nə olar, ay qız, axırda ölməyəcəksən? Yetər. Tfu, sənin bihəya saqqalına! Dəxi nə deyim. (Gedir.) Cəbi (tək). Qız deyil ki, bir od-yalovdur... Yanından keçmək olmur... Amma öz aramızdır, necə yaxşıca maldır! Allah ürəyinə bir rəhm sala, özünə halal övrət eləyəsən. Necə yaxşı olar!.. (Səktə) Xeyr a... Mənim xəyalım turş xəyaldır. Milyonçu hacıya getməyən mənə gələrmi? Fələyin üzü qara olsun! Barı bolca dövlətin ola, bunlar da olmasa, barı bir şücaətin ola, gənə dərd yarıdır. Hacı Qəmbər (daxil olub). Cəbi, şeyləri verdinmi? Cəbi. Verdim, ağa götürmədi... Hacı Qəmbər. Nə dedi götürmədi? Cəbi. Nə bilim, ay başına dönüm. Qana bilmirəm. Bir söz deyəndə adamın atası, anası qalmır, ağzına gələni deyir. Hacı Qəmbər. Ay gədə, sən qəribə biməsrəf adamsan, heç zad əlindən gəlmir. Bəs sən nəyə gərəksən? Cəbi. Gədə neyləsin, burada güc işi yoxdur, ustalıq lazımdır. Bir az tələsməyin, görək nə təhər elərik. Hacı Qəmbər. Cəbi, mən gedirəm... And olsun getdiyim Məkkə və Mədinəyə, əgər sən bu işi düzəltsən, sənə yüzcə manat pul verərəm. Cəbi. Siz buyurandan sonra, pulsuz da mən borcluyam çalışım, əlləşim, ancaq bir az səbr lazımdır. Hacı Qəmbər. Nəinki yüz, iki yüz də verərəm, üç yüz də verərəm. Ancaq iş əmələ gəlsin. Qoçum Cəbi, görüm nə tövr fənd quracaqsan. Sən ki, şeytana papaq tikənsən. Cəbi. Arxayın ol, ağa, hər nə kələyim var, işlədəcəyəm. Hacı Qəmbər. Görək, Allaha pənah! (Gedir.) Cəbi (tək). Yüz manat az pul deyil... Bir az bərkitsən bəlkə üç yüz də verə... Görünür ki, kişi çox əl-ayaqdadır. Qan gözün tutub... Amma çifayda! Qancıq elə qancıq deyil ki, adam söz deyə bilsin... Görək... (Səktə və fikir) Yetər, Yetər! Yetər (daxil olub). Qoymazsız bir saat bir yerdə oturaq! Məndən nə istəyirsiz, əl çəkməzsiz? Cəbi. Mənim bu canım ölsün ki, səndə bax bircə belə də ağıl yoxdur. Axmağın balası, mən də səndən ötrü çalışıram, sənə yazığım gəlir, yoxsa mənə nə düşübdür... Mən bileydim ki, hacı mənim bacım qızını alar, mən elə bu saat özümü ataram hacının ayaqlarının altına... Sən nə deyirsən?.. Amma yəqin bilirəm ki, istəməz, o sənə bənddir, səndən ötrü dəli-divanədir. Yetər. Cəbi, vallah, sən axırı məni o yerə gətirəcəksən, saqqaluva lomba ilə tüfürəcəyəm. Cəbi. Vallah, çənəni yerindən oynadaram! Qancıq, bir sözünə bax. Yetər. Tfu! (Tüpürüb qaçır.) Aldınmı payını? Cəbi (tək, səktə). Mənə hələ bu da azdır... Bir mənə deyən gərək ay həpənd, sən nə girmisən meydana? Hacı nər kimi qızışıb norəstə qız alacaq, sənin saqqalına tüfürəcəklər. Mənim kimi də axmaq olarmı? Daş mənim bu axmaq başıma... Könlü balıq istəyənin quyruğu suda gərək. Hacı qoy özü öz işini düzəltsin, mən qələt elərəm bundan sonra Yetərə bir kəlmə söz demərəm. (Gedir.) Pərdə * * * Dördüncü məclis Vaqe olur həmin otaqda. Hacı Qəmbər (tək). Paho, ay!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram... Doğru deyiblər bir cahıllıqda, bir də qocalıqda baş gərm olar. Göz qızışıb, gecə yuxusuz, gündüz əlamanda... Belə ruzgarı uzun çəkməz olmaz... Dünyavü-aləm olub peşəm. Hər bir saat, hər bir dəqiqə, vaxtbivaxt Yetər durub gözümün qabağında... İş düzələr, bir neçə müddət istirahət elərik... Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq? (Cəbi daxil olur.) Hə, Cəbi, necə oldu? Cəbi. Cəbini Allah yer üzündən götürsün... Cəbini buyurursuz bitməz işə, adını qoyursuz yarıtmaz! Cəbi neyləsin?.. Nə qədər əlləşirəm, nə qədər çalışıram, qancıq tora girmir ki, girmir... Deyirəm ay qız, axmağın balası, belə dövlətdən, cah-calaldan kim əl çəkər... İndiyə kimi qulluqçuluq eləmisən, bundan sonra xanımlıq elə... Ye, iç, yat, gəz! Allaha da gündə min kərə şükür elə... Əlac olmur. Çox da bərkə çəkəndə, deyir vallah Dilbər xanıma deyərəm... Dəxi saqqalımda yer qalmayıbdır ki, lomba ilən tüfürməmiş olsun. Hacı Qəmbər. Get onu bəri çağır görüm... (Cəbi gedir.) Nainsafın balası nainsaf, gör necə nəməkbəharamdır. Bir mənə deyən gərək nə düşmüsən həpənd Cəbinin üstünə, çağır mollanı, kəbini kəsdir, qurtarsın getsin... Yetərin harayı onda görək hara çatar. Dilbər xanım (daxil olur, acıqlı və təəccüblü Hacı Qəmbərə xeyli baxıb). Yağışdan çıxdıq, yağmura düşdük. Ay bihəya oğlu bihəya, tfu sənin bihəya saqqalına! Bu saqqaldan utanmırsan heç?! Hacı Qəmbər. Başına at təpibdirmi nədir, arvad? Nədən ötrü və nə cürət edib bu föhşləri mənə deyirsən, hə? Dilbər xanım. Nə cürət eləyirəm?! Nədən ötrü?! Bilmirsən, ay bihəya? Vallah, bu evə bir od qoyaram, bir oyun oynayaram inqirazi-aləməcən danışılar! Bir gözümün içinə dürüst bax! Təzədən dəli olmusan, ay mürtəd, ay məlun? Tfu, sənin saqqalına! Hacı Qəmbər. Bihəyanın qızı, şəriətdən çıxıb üzümə ağ olursan? Mənim cinimi bilirsən ki! Bu saatda bu evdən səni it qovan kimi qovaram. Dilbər xanım. Çaxır içmisən, yoxsa qarğa beyni yemisən, məni evdən qovursan?.. Bəxtəvər başıma, altmış yaşında sahibim təzədən eşqə düşüb!.. Boyunu yerə soxum!.. Hacı Qəmbər. Dinc, farağat otur, heç atlanıb-düşmə, yoxsa axırda peşman olarsan. Məni yaxşı tanı. Dilbər xanım. Yetər, Yetər! Buraya gəl, ay qız! Buraya gəl görüm, indiyə kimi sənə “qızım, qızım” deyən, səni nə tövr zərzibaya münəvvər eləyib bu evdə xanım qayırır. Tfu sənin saqqalına! Hacı Qəmbər. Sənin cürətin yoxdur ona “buradan dur, orada otur” deyəsən! Murdarın qızı murdar, sürün gözümün qabağından! Dilbər xanım. Bu saat qaçaram bazara başıaçıq, ayağıyalın; çağırram aləmi, tökərəm başıma ki, camaat, Hacı Qəmbər təzədən dəli olub, məni, beş uşaq anasını, Fərhad kimi otuz il külüng çalanı öz evindən qovur. Səni bir saatda rüsvayi-cahan elərəm. Hacı Qəmbər. Əstəğfürullah! Lənət sənə kor şeytan ha! Sözün nədir, gözünə dönüm, məndən nə istəyirsən, məndən, nə istəyirsən, ay dəli Xudaverdinin nəvəsi? Dilbər xanım. Səndən nə istəyirəm ki, pinəçi Kazımın oğlu? Ay dünənəcən çərçilik eləyən! Yetəri buraya çağır, onda sənə deyərəm. Hacı Qəmbər. Əstəbfürüllah! Xataya düşdük camaat da. Dilbər xanım. Axır deyirəm nədən ötrü Cavahiri başından tez rədd elədi, qızışıb eyşi-işrətə məşğul olmaq istəyirmiş... Tfu, məlun! Heç utanmırsanmı? Yetər xanım, nazlı xanım, norəstə xanım, gəl! Tfu, biqeyrət! Hacı Qəmbər. Yetər səndən pisdir? Yetəri sənin kimi yüz arvada vermərəm. Yavaş, onu xanım eləyəndə görək mən şəriətə namüvafiq iş görürəm?.. Əgər xoşuna gəlmir gözüm üstə yolun var, buyur təşrif apar... Buyur elə bu saat buyur. Dilbər xanım. Sən bu evdə qan salmaq istəyirsən, qan, qan, qan! Vəssallam. Abrı yeyib, isməti atmısan dalına! Hacı Qəmbər. Axmağın qızı axmaq! Bircə onu başa düş ki, Yetərin on beş ya on altı yaşı var, biz olmuşuq naməhrəm, istəyirsən ki, məni günaha batırıb cəhənnəm odilə yandırasan? Dilbər xanım. Bihəyanın üzrünə bax, üzrünə! Xeyr, elə deyil. Sənə belə dikməmə qız gərəkdir, norəstə! Tfu saqqalına, tfu etibarına! Hacı Qəmbər. Dəxi bəsdir, kifayət elər?.. Dur itil gözümün qabağından, yoxsa vallah sür-sümüyünü əzərəm. Dur deyirəm sənə!.. Sən məni lap biqeyrət elədin, sürün!.. Cəbi daxil olur. Dilbər xanım (Cəbiyə). Ay bihəya oğlu bihəya! Yaxşı, hələ bu Məkkə belini sındırmış ağlın itiribdir, sənə nə düşüb, mürtəd oğlu mürtəd, girmisən meydana, çöp altında dəyirman tikirsən? Ay çörəyim səni hər iki gözündən eləsin! Cəbi. Ay xanım, başına dönüm, mənim taxsırım nədir ki, söyürsüz? Mən neyləmişəm? Dilbər xanım. Gözümüz aydın olsun, pişiyimiz oğlan doğub... Allah kişilərin hamısına lənət eləsin ki, bir az yalları artıq düşəndə it kimi kürsəyə gedirlər. Hacı Qəmbər. Yalım artıq olanda, gərək mən də gedib qeyrilər kimi rus arvadı kənarda saxlayıram? Allahın əmrindən, peyğəmbərin şəriətindən çıxıram? Dilbər xanım. Neynək, əgər saqqalına, getdiyin Məkkəyə yaraşar, sən də get bir rus arvadı saxla. Cəbi. Xanım, heç acığın tutmasın... Rus xanımlarında belə naz var, qəmzə var, şivə var, o ki, müsəlman arvadlarında tapılmaz. O yaraşıb rus xanımlarına ki, hər tərpənişi adamın canını alır. Dilbər xanım. Elə o deyilmi hacının beynini qarışdıran? Hacı Qəmbər (ayağa durub). Dəxi sən mənim canımı yığdın boğazıma! Bu saat itil mənim evimdən! Tünbətünün qızı, sürün buradan! (İtələyir.) Get, bu gün mehrini sayaram qabağına. (Güc ilə qovur.) Dilbər xanım (ağlaya-ağlaya). Allah, belə zülmü götürürsən də! Hacı Qəmbər. Hara gedirsən get. Sənin o biri otaqda işin yoxdur, düz get! Dilbər xanım. Gör, a bihəya oğlu, sənin başına nə gətirəcəyəm. (Gedir.) Hacı Qəmbər. Mən belə deməmişdim... Cəbi, bu saat Molla Səfini çağır buraya, artıq məndə səbr qalmayıb, dəxi dözə bilmərəm!.. Bu nə arvad oldu mənim canıma! Yetər (daxil olub). Ağa, indiyə kimi mən sənin üzünə dik baxmamışam, bu evi öz atamın evi hesab eləmişəm. Siz bu fikrə düşəndən bəri mən gecə-gündüz ağlayıram. Bu evi nə üçün dağıdırsız? Heç ola bilərmi ki, Dilbər xanım bu evdən qovulsun, axır o mənə analıq eləyibdir... Mən bu işə razı ola bilmərəm. Hacı Qəmbər. Mən tamam qohum-əqrəbadan əl çəkirəm, otuz il bir yerdə mənimlə yoldaşlıq edən övrətimdən əl çəkirəm, gör bu axmağın balası mənə nə vəz eləyir. Cəbi. Neyləyim ay ağa, başına dönüm, Allah mənə bir elə qız verməyibdir ki, sənə xoş gələ, atam özümü ayaqlarının altına, deyəm: “Ağa, qurbandır sənə, buyur”. Bu veyil qızı veyil öz xoşbəxtliyin qanmır. Yetər. Ağa, Allah xatirinə. Dilbər xanımı qaytarın evə! Xudaya, bu nə işdi mən düşdüm! Allah rizasına, ağa, mənə zülm eləməyin, məni çevir uşaqlarının başına... Mən Dilbər xanımın göz yaşına dözə bilmirəm, camaatı özünüzə güldürməyin. Hacı Qəmbər. Səsini kəs! Dilbər də cəhənnəmə, camaat da cəhənnəmə... İşivü gör, ay gədə, Cəbi, tez ol get Molla Səfini buraya çağır, tez ol! (Cəbi gedir.) Mənim malımın, canımın bundan sonra təəllüqü var sənə. Gör səni necə saxlayacağam! Zər-zibanın içində. Görən desin: afərin, Hacı Qəmbər! Molla gələnəcən... Alıb gətirmişəm. (Tələsik gedir.) Yetər. Anasız, atasız, qardaşsız yetim canım vay... Xudaya! Mən nə günah eləmişdim? Mən Dilbər xanıma nə cavab verim? Cavahir xanıma nə deyim? (Oturub ağlayır.) Hacı Qəmbər (əlində bir kəllə qənd və bir qutu nabat daxil olur). Dinim, imanım, dövlətim, malım, niyə ağlayırsan? Bu canı qoymuşam yolunda. (Yetərə tərəf gedir, Yetər qaçır) Qız uşağı elə belə olar, qabaqcan bir az ağlar, xiffət elər, sonra öyrəşər. Bir az da keçər başlar ki, filan arvada niyə baxdın? Gül kimi Yetəri qoyub kənara kim baxar?.. Bundan sonra namazımız pakizə qılıb əyləşərik evdə, başımızı qoyarıq Yetərin dizi üstə, bir neçə müddət istirahət elərik, Əzrayıl da gələndə deyərik, buyur. Mahmud (daxil olub). Salam əleyküm, ağa! Hacı Qəmbər. Əleykəssalam. Nə var, nə yox, Mahmud? Cavahir necə dolanır, yaxşıdırmı? Mahmud. Allaha şükür, keyfləri kökdür, damağları çağ... Cavahir xanım məni göndərib ki, get gör necə dolanırlar, salamatdırlarmı? Əlavə gəlmişəm bir neçə şeylər alıb aparım, bir də xanım bir az yağ, qaymaq göndərib, onu da verdim Yetərə. Mürəxxəs olum qulluğunuzdan. İşim çoxdur, axşama düşərəm. Hacı Qəmbər. Get, axşama düşərsən və mənim tərəfimdən çox dua apar. Mahmud. Baş üstə, dua göndərən sağ olsun. (Gedir) Hacı Qəmbər. (tək, pəsdən oxuyur): Ey dil, qərar gir ki, çe vəqti-təpidənəst? Ey didə, xun məbər ki, həngami-didənəst. Axır ki, çatdım arzuma, şükür xudaya. Dilbər də bir az atılıb-düşər, sonra yumşalar, hər bir iş düşər öz yoluna. Mən qələt elərəm bir də Hacı Salmana yaxın gedərəm. Nə lazım özümü artıq zəhmətə salım. (Qapını açıb baxır.) Bu Cəbi məlun oğlu getdiyi yerdən qayıtmaz da... Bilmir ki, mən bu saat nə iztirabdayam. (Oxuyur.) Mən bəsteyi-zülfəm, mənə zəncir nə lazım, Öldür məni qurtar, belə təxir nə lazım? Molla Səfi (daxil olub). Salam əleyküm, hacı. Hacı Qəmbər. Əleykəssalam, Molla Səfi. Siz bu evə çox xoş gəlmisiniz! Buyurun, buyurun görək. Molla Səfi (əyləşib). Bu saat Cəbi dedi ki, hacının sizə bir işi düşüb, tez buyurun oraya. Hacı Qəmbər. Bəli, sizə bir xeyir işimiz düşübdür. Çox əziz olasınız ki, tez təşrif gətirmisiz. Molla Səfi. Mən həmişə sizin qulluğunuzda hazır varam. Özünüz bilirsiniz ki, mənim sizə nə qədər məhəbbətim var. Allah özü şahiddir ki, mən həməvəqt sizə duaçı varam, heç sizi yadımdan fəramuş elərəm? Hacı Qəmbər. Allah imanınızı kamil eləsin... Mən sizə bir işdən ötrü zəhmət vermişəm... Mən bir yetim qız, atasız, anasız saxlamışam, lap bir tikə vaxtından. İndi yetişib yekə qız olub. Özünüz bilirsiniz ki, şəriətə görə biz olmuşuq bir-birimizə naməhrəm. Ona görə lazım gəlir ki, onu bir növ xoşbəxt eləyim. Molla Səfi. Yəqin ki, hacı, qızı ərə vermək xahişiniz var... Afərin, səd afərin... Vallahı bir elə iş görürsünüz ki, guya behiştin bir guşəsin satın alan kimi, çox gözəl, tərifəlayiq işdir. Hacı Qəmbər. Xeyr, mənim fikrim onu evdən çıxarmamaqdır. Molla Səfi (diz üstə qalxıb). Pəh, pəh, pəh!.. Buna, bax, heç sözüm yoxdur... Afərin, maşallah! Belə işin nə qədər savabı var, heç bilirsiz? Pəh, pəh, pəh! O qədər savabı var ki, yer ilən göy arası tutmaz!.. Görək, hacı, kəbin nə vaxt olacaq? Cəbi daxil olur. Hacı Qəmbər. Mən elə sizə məhz ondan ötrü zəhmət vermişəm. Xahiş eləyirəm ki, elə bu saat tamam eləyəsiz. Molla Səfi. Çox yaxşı, çox gözəl, çox pakizə və çox mübarək... Allah xeyir versin, ömri-tulani əta eləsin... Bu gün, elə saat da çox xoşdur... ay Cəbi, bu qutudakı nəmənədir? Cəbi. Nabatdır, ay Molla Səfi. Molla Səfi (təbəssümlə). Çox pakizə... Bəs bu qəndin çayı hanı? Hacı Qəmbər (beş manat çıxardıb). Bu beş manat da olsun çay pulu! Molla Səfi. Pəh, pəh, pəh! Çox mübarəkdir, Allah boya-başa çıxartsın... Yaxşı... Hacı, görək qız özü bu saat haradadır və bu işə razıdırmı? Cəbi. Qız evdədir və özü bu işə razıdır. Mən də onun vəkiliyəm. Molla Səfi. Çünki bu işdə artıq savab var, lazım gəlir ki, şərən olsun... Ola bilərmi qız özü gəlib rubəru razılıq versin və mən də tamam eləyim. Cəbi. Mən ərz eləyirəm ki, qız öz dililən yanımda iqrar eləyib və məni özünə vəkil tutub. Mehri də olacaq yüz əlli əşrəfi. Molla Səfi. Yəni nə eyib elər, qız gəlsin dursun o qapıda və bir kəlmə desin ki, mən bu işə razıyam, ya ki, elə işarə eləsin, kifayət elər... Mənim xahişim odur ki, bu gözəl iş şərən olsun, vəssalam... Cəbi, qızı çağır gəlsin... Hacı, qoy mən deyən olsun... Savabı artıqdır. Hacı Qəmbər (kənara). Mollaların elə bu füzulluğu mənə xoş gəlmir. (Cəbiyə.) Cəbi, o qızı çağır gəlsin buraya. Cəbi. Baş üstə, çağırım... Hərçənd lazım deyil idi. Çox vaxt belə də keçər... (Gedir.) Molla Səfi. Nə əcəb xəyalınıza gəldi bu gözəl iş?.. Hacı, sənin başın üçün, bu bir elə işdir ki, hər kim eşitsə afərin deyəcək. Əlavə, bu işin həm bu dünyada, həm axirətdə xeyri var. Hacı Qəmbər. Əlacım yoxdur, yazıqdır, neyləyim? Qorxuram verim özgəsinə bədbəxt ola... Bu zəmanədə adamı tanımaq çətindir. Cəbi (hövlnak daxil olur). Ay ağa, başına dönüm, cürət edib deyə bilmirəm, qız evdə yoxdur, qızı aparıblar... Hacı Qəmbər (başına vurub). Vay, evim yıxıldı!.. Bu dəqiqə qızı Mahmud apardı... Tüfəngi bəri gətir. Ay gədə, dalımcan gəl, ay gədə! (Gedə-gedə.) Vay, evim yıxıldı!.. Zalım oğlu Mahmud!.. (Gedirlər.) Molla Səfi (tək). Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəydin qurtaraydı gedəydi... Ölardı hacının halal övrəti, gədə aparseydi də, geri almaq mümkün idi. Biçarə kişinin ovqatı təlx oldu... İndi mən şeyləri neyləyim. Aparmayım, mənə nə borc, mən zəhmət çəkib gəlmişəm, öz borcumu yerinə yetirmişəm. Qızın qaçmağına mən ki, müqəssir deyiləm... Sən öl, aparacağam. (Pulu qoyur cibinə, nabatı bağlayır dəsmala, qəndi alır əlinə, hazırlaşır getməyə.) Cəbi (daxil olub). Yavaş-yavaş, ay molla! Sən o şeyləri hara yığışdırırsan, başına dönüm?.. Yəni it getdi, ip də getsin? Elə zad ola bilməz. Şeyləri qoy yerə, pulu bəri ver! Rəhmətliyin oğlu, sən lap ağ eləyirsən! Molla Səfi. O nədəndir, əzizim, Cəbi? Yəni qızın qaçmağına mən müqəssir deyiləm ki! Zəhmət verib gətirmisiniz, haqqımdır aparıram. Cəbi. Rəhmətliyin oğlu, sən zarafata salmısan nədir? Vallah, hacı adamın dərisinə saman təpər. Molla Səfi. Sən öləsən, Cəbi, göydən mələk yenə, mən bir zəqqum da vermərəm, nahaq özünə zəhmət vermə. Cəbi. Sən öləsən, molla, heç elə fikirlərə düşmə! Qoymaram qədəmini çölə qoyasan! Yaxşısı odur ki, davasız, qeylü-qalsız şeyləri yerinə qoyub təşrif aparasız. Molla Səfi. Mən ölüm, Cəbi, sən gəl mənə bu zülmü eləmə, atamın ərvahına, iki Quran xətm elərəm sənin valideyninə. Belə dur, gedim. Ay kişi, sən nə təhər adamsan! Mən ölüm, belə dur! Cəbi. Heç vaxt olmaz, sən öləsən! Molla Səfi. Ala, bu beş manat da sənin olsun, Allahın dərdi-bəlası da... Di belə dur, gedirəm. A kişi, belə dur deyirəm sənə! (Cəbini itələyib çıxır, qəndi və nabatı aparır.) Cəbi (tək, əlində beş manat). Xa, xa, xa!.. Hacı, get ay batandan sonra gəl! Nə qəribə iş oldu. Qoçağım Yetər hacıya nə yaman turp əkdi... Bu beş manatdan Şahsənəmə bir başmaq, Gülsənəmə bir yaşmaq. Dilbər xanımı muştuluqlayıb, özümə də ondan bir tula payı. Allah dadına yetsin Yetərin! Vəssalam. Pərdə * * * == Müsibəti-Fəxrəddin == Müsibəti-Fəxrəddin Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı Əfradi-əhli-məclis Fəxrəddin bəy – cavan oğlan, darülfünun tamam etmiş Mələk xanım – onun anası Şahmar bəy – cavan oğlan, onun qardaşı Hacı Murad – cavan nökərlər Xəlil – cavan nökərlər Rüstəm bəy – böyük mülkədar Mahmud bəy – onun cavan oğlu Səadət xanım – onun qızı. Gülbahar xanım – Mahmud bəyin övrəti, Fəxrəddinin bacısı Əhməd – Rüstəm bəyin cavan nökərləri Vəli – Rüstəm bəyin cavan nökərləri Hürü – qoca övrət, qulluqçu Cahangir bəy – cavan oğlan, mülkədar Fərhad – Cahangir bəyin dostları Məhərrəm – Cahangir bəyin dostları * * * Əvvəlinci məclis Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək. Rüstəm bəy (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!.. Əhməd, Vəli bellərində xəncər-tapança daxil olub baş əyirlər. Rüstəm bəy. Fəxrəddin bəy Heydər bəy oğlu, deyirlər gəlibdir, onu görəniniz varmı? Ölənəcən mənlən əlləşən atası Heydər bəyə bənzəyirmi? Əhməd. Xeyr, ağa, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandır; alçaq, mülayim. Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana və məktəbxana açıbdır, həkim gətirib, mama gətirib. Rüstəm bəy. Eşitmişəm... Fəxrəddin tamam dünyanın gözü olsa, genə mənim oğlum Rəşidin əvəzi deyil ki, onu Heydər bəy para-para eləmişdi... Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur, çünki onu qəza oğlumun qanına layiq əvəz göndərib və mənim üçün məqami-intiqam. (Səktə) Əhməd! Vəli!.. (Səktə.) Rəşidimin yadigarları! O bədbəxt gecə, Rəşid can verən zamanı biz əhd-peyman elədik, öz aramızda əl tutuşduq, o əhd-peyman yadınızdan çıxmayıbdır ki?.. Əhməd. Xeyr, ağa, elə halət, elə məqam yaddan çıxa bilməz, mümkün deyil... Və adın kişi qoyanın sözü bir gərək. Başımızdakı papaqdır, ağa, övrət ləçəyi deyil! Vəli. Əvvəl-axır ölümdür. Ağa, qoy can puç olsun, qeyrət yolunda, namus yolunda... Rəşid ağamın müsibətini unutmaq olmaz. Rüstəm bəy. Mərhəba, mərhəba!.. Cavabınız mərd igidin cavabıdır; çörəyim sizə halal olsun... Əgər sizlən bir yerdə oğlum, biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi... Haradasan, oğul, belimi sındıran oğul? Yaraların yadıma düşəndə dünyavü-aləm başıma aylanır, bədənim od tutub yanır, başımdan tüstü çıxır... Oğul, oğul! Sənin qanını yerdə qoymaram, oğul! Qəbirdə rahat yat... Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm. Əhməd. Nə buyurursunuz, ağa, məgər biz qırılmışıq ki, siz meydanda tək qalasız? Nə qədər bədəndə canım var, nə qədər nəfəsim gəlib-gedir, and olsun Rəşid bəyin öz canına, mən düşməndən intiqam almamış, ondan əl çəkməyəcəyəm! Vəli. Ağa, məni güllə ilə vurub öldürseydiz bundan yaxşı idi ki, o sözü buyurduz. Məgər Rəşid yaddan çıxa bilər?! Rəşid ağanın qanın tək mən alacağam və bir adam başı kəsməklə ürəyim soyumayacaq, onu yəqin bilin! Rüstəm bəy. Bu qeyrətdən, bu namusdan sonra – ki sizdə gördüm, – mənim dərdimin yüzdən biri qaldı... Allah sizdən razı olsun. Ancaq, oğlanlarım, tələsmək lazım deyil. Mən necə tədbir töksəm, o qayda rəftar edərsiz. Amma o vədəyə kimi bu barədə lal-kar olmaq gərək... Başa düşürsüz ki, nə deyirəm? Əhməd və Vəli. Əlbəttə, ağa, necə ki, başa düşmürük. Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər. Rüstəm bəy. Çox yaxşı, gedin, gedin, Allah sizdən razı olsun. Mahmudu buraya göndərin. Əhməd və Vəli baş vurub gedirlər. Rüstəm bəy (tək). Hərgah mənim oğlum Mahmudda namus-qeyrət olsaydı, mənim nişanələrimin yüzdən biri onda tapılsaydı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi... Heyf sənə, oğul, heyf sənə, Rəşid!.. Of.. (Uzun səktə) And olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətin sözünə baxıb, biqeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacağam, ölüb, ya itmiş hesab eləyəcəyəm... Mənim oğlum gərək mənim özümə oxşasın, biqeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədim, Mahmud gedəndə nə olacaq?.. (Səktə) Dünyada ömr eləmə, elədin qeyrəti, namusu əldən vermə, vəssalam. Mahmud bəy (daxil olub). Nə buyurursunuz? Rüstəm bəy. Gəl otur. Mahmud bəy (kənar səndəli üstə oturub). Gədələr dedilər ki... Rüstəm bəy. Səndən bir sual edəcəyəm, ona cavab ver. Mahmud bəy. Buyurun. Rüstəm bəy. Mahmud, sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızın gətirdim cəbrən və evimdə gəlin elədim və mən öləndən sonra dövlətimə şərik... Demirəm pisdir, göyçək deyil, ağılsız-kamalsızdır... Amma düşmən qızıdır və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq, Gülbahar mənim evimdə qala bilməz, əlavə müsibətlən gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir... Gülbahar gərək getsin. (Səktə.) Qandın ki, tələbim nədir? (Səktə.) Səndən cavab gözləyirəm, de görüm sözün nədir?! Mahmud bəy. Məni bağışlayın, ata, hərgah məhəbbət necə ki, buyurursunuz, sizi vadar elədi gəlin barəsində cəbrən iş görməyə, ola bilərmi ki, haman məhəbbət mane ola ikinci cəbrə və zülmə? Rüstəm bəy. Ola bilməz... İkinci təklif: hazırsanmı Heydər bəyin evin tar-mar etməyə, yurdunda bayquş ulatmağa, Rəşid bəyin qanını almağa? Mahmud bəy. Sahib-ixtiyarısınız... Amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir; çünki o biçarə bitəqsirdir və özü o vaxt burada olmayıb. Rüstəm bəy. Hay, hay, hay, hay, Mahmud! Mən elə qabaqcadan bilirdim sənin cavabını... Heyf sənə, Rəşid! Yaraların sübut edirdilər ki, düşmənə asanlıqla can verməmisən. Biçarə oğul, belimi sındıran oğul!.. Mahmud bəy. İnanın, ata, Rəşid bəyin müsibəti necə ki, sizə rahatlıq vermir, elə də mənim özümə. Ancaq, ata, Allah xatirinə məni vadar eləməyin nahaq qan tökməyə və zülm etməyə... Rüstəm bəy (rişxənd ilə). Xa, xa, xa!.. “Nahaq qan tökməyə”. Hm... Rəşid yəqin ki, mənə belə cavab verməzdi! Mahmud, Mahmud, bu mərtəbədə sənə tuman əsər edib? A bədbəxt! Mahmud bəy. Məgər insaflı iş görmək binamusluğu sübut edər, ata? Rüstəm bəy (acıqlı). Kifayətdir, gedə bilərsən... Ancaq qaçıb Gülbahar xanım ilə pıçı-pıçı danışmayasan, təvəqqe eləyirəm. Mahmud bəy. Ata, mən ölümə getməyə... Rüstəm bəy. Kifayətdir, mürəxxəs, gedə bilərsən! Mahmud bəy (gedə-gedə kənara). Belə ki, sən başlamısan, öz evində bayquş ulayacaq. Rüstəm bəy (tək). Rəşid! Qanını yerdə qoymaram. Yoxsa oturduğum yerdə sinəm partlayıb bağrım çatlar!.. Bir qaranlıq gecədə gədələri götürüb gedərəm, od vuraram evlərinə, tayalarına və çölə çıxanı gülləbaran edərəm. Rəşid! Bilsəm ki, evim tar-mar olacaq, yurdum itəcək, genə sənin qanuvu yerdə qoymayacağam, oğul!.. Evlərini Qars qalası da eləsələr, yüz nəfər adam da orada olsa, genə gərək mən intiqamımı yerdə qoymayam... Mənə iki etibarlı nökərim, Cahangir bəy, yoldaşları kifayətdir... Vay Mahmud, vay Mahmud!.. (Gedir.) Gülbahar xanım (daxil olub). Uy, ay qardaşlarım, uy, yazıq atamın evi!.. Qulaqlarım kar oleydi, bu günə əhvalatı eşitməyəydim... İndi mən neyləyim, Allah? Dərdimi kimə deyim, Allah?.. Kağız yazıb kimlən göndərim? Nə tövr onları xəbərdar eləyim?.. Ağlım çaşır, Allah!.. Mən Fəxrəddinin ölümünə tab eləyə bilmərəm, Allah! (Ağlayır.) Uy, yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım sizə qurban, ölüm mənimdir, Allah! (Yıxılır səndəli üstə gözlərin örtüb ağlayır.) Sədayi-qayibanə oxuyur: Yaran, bu gərdişi-fələkin kəcmədarı var, Dövrü zəmanənin nə yaman ruzigarı var! İbrət gözün açıb hər kim yəqin görər Kim bu xərabə çölündə müsibət baharı var. Səadət xanım (daxil olub). Gülbahar, nə olubdur? Gülbahar! De görüm nə olub?! Səsini çıxart, Allah xatirinə, məni qorxutma?! Gülbahar xanım. Müsibət yerdən göyəcən... Səadət, Səadət, canım sənə qurban, bağrım çatlayır, aman günüdür! Səadət xanım. Gülbahar, sən məni həqiqət qorxudursan. Allah xatirinə tez ol, sözünü de! Gülbahar xanım. Səadət, insaf məqamında sənin atan mənim atam ilə düşməndilər, sənin atan mənim əmilərimi nahaqdan diyarbədiyar saldı... Mənim atam sənin qardaşını öldürdü, sənin atan mənim atamı, belədir? Üç qan bunlar elədilər, bir qan mənim atam. Görək bundan sonra Fəxrəddinin taxsırı nədir?! Sən istəyirdinmi ki, Fəxrəddini!.. Oy, dilim-ağzım qurusun, Allah! Səadət xanım. Fəxrəddinin başından bir tük əskik olunca, mənim iki gözlərim kor olsun! Gülbahar, Allah xatirinə gödək danış görüm, təzədən qəza başımıza nə gətirmək istəyir? Gülbahar xanım. Bu saat mən eşitdim, Allah heç bacılara göstərməsin... Rüstəm bəy nökərlərilə məsləhət gördülər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər... Fikirləri Fəxrəddini öldürməkdir... Fəxrəddin üç ay deyil Almaniyadan gəlibdir, mən onu görməmişəm... Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər?! Səadət xanım. Bu oldu çətin məsələ. Allaha pənah, ağlamaq məqamı deyil, belə işlərdə fikir lazımdır. Gülbahar xanım. Qorxuram biz onları xəbərdar edənəcən iş-işdən keçə... Əgər məsləhət görürsən, mən özüm qaçım xəbərə. Səadət xanım. Uşaq olma, səbr elə, bu saat. (Səktə) Hürü nənə, ay Hürü nənə. (Çağırır.) Ancaq təvəqqe edirəm rəftarında təğyir olmasın və özünü arxayın saxlayasan. Eşidirsənmi? Hürü (daxil olub). Belə nə var, Hürü nənə sizə qurban? Səadət xanım. Yaxın gəl, Hürü nənə (yavaşdan), bir çətin işə düşmüşük, dərdimizə əlac, əgər bizi istəyirsən. Hürü. Nə səni, nə Gülbaharı, bax, bircə belə də istəmirəm. Fəxrəddin yadına düşüb, bilmirsən nə pəstaha açasan! Səadət xanım. Hürü nənə, zarafat yeri deyil; bir xatalı işə düşmüşük, səndən savay kömək yerimiz yoxdur. Hürü. Bircə canım var, o da sizə qurbandır. Səadət xanım, bax Gülbaharı bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddini çiynimdə böyütmüşəm; sən də ki, Fəxrəddinin yarısan, səni onlardan da artıq istəyirəm. Səadət xanım. Mən onu çoxdan bilirəm, ancaq bəri bax, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan düz Fəxrəddin bəyin yanına. Təkcə özünə deyərsən ki, bizim qırılmışlar sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. Və bu işdən ötrü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqe eləyirəm bu xaraba vilayətdən baş götürüb getsin, qalmasın bu dağılmışda... O ki qaldı mənə, mənim fikrimi çəkməsin, onun hər yerdə olsa, salamatlığı məndən ötrü kifayətdir, mən ölənəcən bivəfalıq eləməyəcəyəm, nə qədər canım sağdır, bu canımı onun yolunda qoymuşam... Amma, Hürü nənə, bax, Allah xatirinə bu xəbəri bir kimsə gərək bilməyə! Fəxrəddinə deyərsən. Aman günüdür, bizi bəlaya salarsan, atam bilsə əvvəl bizi qırar... Dürüst fikrində saxla!.. Hürü. Arxayın ol, bilsəm ki, məni tikə-tikə doğrayacaqlar, ətimi şişə çəkəcəklər, genə demərəm. Özüm də gedəcəyəm, başınıza dönüm. Bu iki qocalar – biri sənin o mürdəşir üzün yumuş atan, biri də o Mələk xanım imansız, iki xanimanı tar-mar eləmək istəyirlər. Gülbahar xanım. Hürü nənə, canım sənə qurban, danışmaq yeri deyil, aman günüdür, özünü tez yetir Fəxrəddinə. Hürü. Gündüz getmək olmaz, gərək gecə tamam obanı yuxuya verib, ondan sonra gedim. Bürünərəm yapıncını, başıma basaram papağı, əlimə allam çomağı, düzələrəm yolun ağına. Əlac nədir, axşama da bir zad qalmayıb. Səadət xanım. Bu yaxşı məsləhətdir... Bir də Hürü nənə, Fəxrəddinə deyərsən ki, gör nə məqamdır ki, beş il ayrılıqdan sonra mən dübarə onunla ayrılmaq istəyirəm... Beş il gözlərimi dikmişdim onun yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir. Əlac nədir... Hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın... Mən öz atamın xasiyyətinə bələdəm, öz höcətliyin o yeridəcək. Fəxrəddin buradan getsin, qalmasın. Bu xaraba vilayətdə insaf qalmayıb, mürüvvət qalmayıb, əlavə Hürü nənə, Fəxrəddinə deyərsən ki, məni görməmiş getməsin... Vay fələk!.. Gülbahar xanım. Hürü nənə, gətir ayaqlarından öpüm ki, gedib atamın xanimanına dəyəcəkdir, gətir ağzından öpüm ki, gedib Fəxrəddini öpəcəksən. (İstəyir öpsün) Hürü. Sən də bir yavaş görüm, ay qız! Bircə bu kişiyə deyən gərək, ay biiman! Bu Fəxrəddin haman Fəxrəddindir ki, qızın Səadəti altı-yeddi il oxudub, tamam vilayətin gözü eləyib, indi bu da onun əvəzidir, ay biiman, a başı batmış?! Hərgah Səadət bu qədər oxumaseydi, o da olardı bizim tayımızın biri. İndi, bax gör ki, Səadət dildən-ağızdan düşmür. Səadət üstə camaat az qalır bir-birin qırsın, ay səni görüm öləndə dilin lailahəilləllah tutmasın! Səadəti bu məqama yetirən Fəxrəddin deyil? Tfu! Yox olasan sən, murdar olasan sən! Yandım töküldüm!.. Mahmud bəy (daxil olub). Nədir yenə, a Hürü qarı, dərvişlik eləyirsən?! Hürü (üzün tutmuş qızlara). Vallah deyəcəyəm... Məni öldürsəniz də deyəcəyəm. Mahmud bəy. De, de, Hürü nənə, qorxma, nə olub? Hürü. Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir? Mahmud bəy. Əhvalatdan xəbərdaram... Ancaq qorxmaq lazım deyil, mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin bizim başımıza... Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ; arxayın olun. Səadət xanım. Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək... Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. Nə olubdur axır, bəs deyil?!. Gülbahar xanım. Allah xatirinə, məqdur, köməyi müzayiqə eləməyin. Qardaşlarım cavandır, rəhm eləyin, Şahmar da dəlidir, xəta çıxar. Mahmud bəy. Təşvişə düşmək lazım deyil. Əvvəla, mən qoymaram bir kəs o qapıya getsin. Hərgah mənim sözümə baxmayıb getsələr, mən özüm də gedərəm, o qəsdlə ki, qoymayım bir adama zərər yetişə. Dürüst arxayın ol, vəssalam. Hürü. Vallahı, ay Mahmud bəy, hərgah Fəxrəddinin başından bir tük əksik olsa, and olsun əziz Allaha, mən bu əllərimlə sizin yurdunuzu tar-mar eləyəcəyəm; bir od vuracağam bu xarabaya, tüstü aləmi götürsün... Xalqı sənin atan yaratmayıbdır ki! Nə istəyirsiniz? Mahmud bəy. Hay qara nər, qoçum Hürü nənə!.. Bəri gəlin, axmaqlar... Mən ölməmişəm ki, siz təşvişə düşürsünüz! Qoca kişidir, danışar, danışar, yorulub oturar yerində. Bəri gəlin, gedək bağçaya. (Səadəti, Gülbaharı qucaqlayıb aparır, gedirlər.) Pərdə * * * İkinci məclis Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır. Fəxrəddin bəy (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.) Hacı Murad. Nə buyurursunuz, ağa? Fəxrəddin bəy. Nə var, nə yox, Hacı Murad? Həkim mənzilindən razıdırmı? Mollanın kefi necədir? Hacı Murad. Molla uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Həkim mənzilindən çox razıdır, ələlxüsus övrəti. İnək də ki, gəlibdir; şadlıqlarından bilmirlər nə eləsinlər... Molla çox yaxşı oğlandır. Fəxrəddin bəy. Çox yaxşı, təhəng çubuqları da ki, vüsul oldu. Hacı Murad. Bəli, ağa, iki ərəbə, çox təmiz çubuqlar. Fəxrəddin bəy. Çox pakizə. Sübh tezdən hamısını basdırarsan. Nə qədər fəhlə lazım olsa, bağbana deyərsən gətirsin, əlavə şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq yaxşı deyil... Hacı Murad. Baş üstə, ağa, molla özü hazırlaşıb əlləşməyə. Sabah Allah qoysa, qurtarrıq. Hava da bozdur; bu dəxi yaxşıdır. Fəxrəddin bəy. Çox gözəl. Gecə keçib, get rahat ol... Sübh tezdən durmaq gərək. Hacı Murad baş vurub gedir. Fəxrəddin bəy (tək). Hər iş öz yolundadır, şükür Allaha... İndi bir qalıb Rüstəm bəylə barışmaq. Bilmirəm onu nə tövr eləyəcəyəm. Dünyanın hər bir işi cəngi-məğlubədir; amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Neyləmək? Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu... Mələk xanım və Şahmar bəy daxil olurlar. Mələk xanım (əyləşib). Bu gün dünya başıma aylanıb; heç yerdən qalxa bilməmişəm, xəbərim də səndən olmayıb, ay oğul. Fəxrəddin bəy. Çox əcəb oldu ki, təşrif gətirdiniz. Şahmar, gəl otur görək... Ana, ola bilərmi ki, Gülbaharı bura gətirdəsən, yazıqdır, bilmirsən mənim könlüm nə mərtəbədə onu istəyir! O biçarə, yəqin ki, dəxi artıq bura gəlmək istəyir. Mələk xanım (qolun tutub). Uff, uf, uf!.. Fəxrəddin bəy. Nədir genə ufuldayırsan? Mələk xanım. Nə bilim a başına dönüm, elə ki bir az hava dəyişir, tamam yaralarım sızıldaşırlar. Gülbaharın anası ölsün, onu qoyarlarmı buraya gəlsin? Elə bu sızıldayan yaralarım Gülbaharı aparan vaxt vurulan yaralar deyilmi? Zalım uşaqları başıma nə qədər tatarı vurdular, qızdan əl çəkmədim, elə dilimlə çığırırdım: “Heydər, Heydər!.. Məgər qəbrin çatlamır?”. Sonra başladılar xəncər ilə məni doğramağa. Fəxrəddin bəy. Bilirsən nə var, ana? Belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər və adına vəhşilik, nadanlıq deyirlər. Neyləmək gərək? Mən hərgah bilsəm ki, Gülbahar bu saat özünü bədbəxt hesab eləmir və yaman-yaxşı dolanır, keçərdim, işdir olubdur. Mələk xanım. Nə söyləyirsən, oğul? Gülbaharı sən binamus hesab eləyirsən ki, düşmən evində özünü xoşbəxt hesab eləsin? Onun cürəti nədir! Şahmar bəy. Pəh, pəh,pəh!.. Əcəb söz eşitdik! Bu da bizim oxumuş, sahib-kamal qardaşımız... Yaxşı, bir mənə de görüm ki, bir qızın atasını öldürələr, evlərini basıb, anasına beş yerdən yara vurub, özünü cəbrən aparalar, o deyə bilərmi ki, mən xoşbəxt olmuşam? Mələk xanım. Oğul, atanın canı ağzından çıxanacan “Fəxrəddin, Fəxrəddin” deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə kotan kimi eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilin görsəydin!.. Uy Heydər, uy Heydər!.. Məni köməksiz qoyub gedən Heydər! Gözlərim kor oleydi, səni o halda görməyəydi. Fəxrəddin bəy. Xudaya! Gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq, bimənə işdən ötrü bu mərtəbədə müsibətlər, düşmənçilik bəhəm eləmişik. (Səktə.) Vallahı, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz... Aşkar görürəm sübut uzaqda deyil... Mən buraya gələn üç ay deyil, bu üç ayın ərzində iki yüz adam, dəxi də artıq, elə bizim ətrafda bir-birini tələf ediblər. Məgər bu vəhşi nadanlıqdan deyil? İnsaf yox, mürüvvət, qanacaq, tərbiyət yox, məgər şəriət bizə göstərən yol budur? İnsaf məqamında durun. Anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi! Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır... Siz nə insaflan işə bir göz ilə baxırsınız?! Şahmar bəy. Çox yaxşı, tutaq bu oldu əvəz-əvəz... Bəs bizim əmilərimizi ki, Rəşid onların bir barmağı olmazdı, hərəsi yüz atlıya bərabərdi, kim diyarbədiyar saldı? Əlavə, ana, bir aç başını (Mələk xanım başını açır.) Bu yaralara nə deyirsən? Yox, qardaşım, yox! Fəxrəddin, belə deyil. Fəxrəddin bəy. Ona mən deyirəm “əlaməti-vəhşilik, heyvanlıq, nadanlıq”. Artıq nə deyə billəm?! Buyur görək, əmilərim qaçaq-quldur saxlamayaydılar, oğurluq elətdirməyəydilər, ağızların fərağat qoyaydılar, öz kasıblıqlarına məşğul olaydılar, belə müsibətə düçar olmayaydılar, vəssalam... Aşkar işdir, burada bir höcət ola bilməz. Mələk xanım. Oğul, oğul! Beş il üzü qibləyə namaz qılıb, Allahı çağırıb, yolunu gözləmişəm; indi sən də belə? Yoxsa, oğul, səni yoldan Səadət çıxardıb? Fəxrəddin bəy. Sözün var, söz danış, qəlbə dəymək nə lazım... O şeyləri ki, mən sizə burada deyirəm, onu Səadət də yəqin orada deyir. Ancaq başa düşmək gərək. Əlavə məgər mən, ya Səadət müqəssirik ki, bu vəhşi tayfa içində yaranmışıq? Müqəssirik ki, camaat qudurmuş heyvan kimi bir-birini qapır və nədən ötrü? Bir qarış yerdən ötrü, yanımdan keçdin, mənə salam vermədin – ondan ötrü... Bunlar hamısı vəhşilikdən və nadanlıqdan və həmçinin xainlik, göz götürməməklik... Anam, qardaşım, barı siz mənə əziyyət verməyin, Allah xatirinə!.. Onsuz da məni müsəlman qardaşların nadanlığı qəm dəryasına qərğ eləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?! Bircə buyurun görək, cavan Rəşid bəyin taxsırı nə idi ki, onu mənim atam doğramışdı? Hərgah Rüstəm bəy ilə atam düşməndi, Rüstəm bəyin özünü öldürəydi, nəinki cavan oğlunu. Şahmar bəy. Qardaş, səndən elə sözlər eşitdim ki, sinəmə güllə dəysəydi, min pay ondan yaxşıydı! Dəxi sənə nə deyim? Mən elə qorxuram ki, Səadət xanımı da gətirib burada bizə calayasan. Mələk xanım. Oğul, oğul! Bu sözləri bizim yanımızda danışdın, barı özgə yerdə danışma; bizi qorxaq, binamus hesab edib ayaq altında itirərlər... Oğul, canım sənə qurban, oğul, aman günüdür! Fəxrəddin bəy. Sizin danışığınızdan belə məlum olur ki, guya bizim bu xaraba vilayətdə heç bir insan sifətində adam tapılmaz, zəmani ki, mənim insaflı hərəkətimi burada binamus hərəkət hesab edə bilərlər. Şahmar bəy. Ay qardaş, Allah xatirinə, nə söyləyirsən, bizim yerlərdə insaf nə qayırır, mürüvvət nə qayırır? Xalq gücnən başın girləyir... Hərgah bilsələr ki, sən fəqir adamsan, dinc adamsan bir gün səni rahat qoymazlar öz evində yatasan, olub-qalanını aparıb adamı quru yurdda qoyarlar. Sən nə fikir eləyirsən? Uşaq deyilsən ki! Vallah, billah, tallah, inan qardaş, hərgah sən xəlvətdə Rüstəm bəyin nökərlərinin birisinə rast gələsən, o dəqiqə sənin başını qoyun başı kimi kəsərlər. Bunu yəqin bil. Mələk xanım. Quran oxumaqlan donuz darıdan çıxmaz, oğul! Sən bu xarabanın işinə nabələdsən. Şahmar nə deyir, sən onun sözünə qulaq ver. Əlavə Səadət xanım barəsində pambığı qulağından bilmərrə çıxart. Hansı məlunun qızı deyil hərgah Səadət ayağın bu evə bassa, o saat özünü boğub öldürməyə, dinindən dönməyə. Özün bil, oğul. Fəxrəddin bəy. Çox uzun danışdıq, kifayətdir... Mənim axır sözüm budur ki, mən cəllad deyiləm adam öldürəm, ya öldürtdürəm... Hərgah mənim özümü öldürmək istəyirlər, neyləmək, qoy öldürsünlər, mən bir can borcluyam. O ki qaldı Səadətə, onu məndən bir əcəl ayıra bilər... Sizdən çox təvəqqe eləyirəm ki, Səadət barəsində dəxi artıq bu evdə söhbət olmasın, kifayətdir. Mələk xanım. Kifayətdir, kifayət olsun, eybi yoxdur. Dur gedək oğul. (Şahmar bəyə.) Allah barı səni mənə çox görməsin, dur gedək... Şahmar bəy. Bəli, fəziləti-axund məlum şüd!.. Buyur, gedək, ana. (Gedirlər.) Fəxrəddin bəy (tək). Qəribə işə düşmüşəm, and olsun Allaha, bu kəsafəti-mədə ilən mənə ağıl öyrətmək istəyirlər... Canım, beş gün deyil bu vəhşi tayfanın içinə gəlmişəm, az qalıbdır ki, məni cəllad eləsinlər. Xudaya, gör mən nə dərdi çəkirəm, bunların fikri nədir! Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir-füqəralar yaddan çıxıb, yetimlərə rəhm kəsilib, elm yox, sənət yox. Girmişik meydana, əldə qılınc, hərif axtarırıq. Bismillah buyurun görək kim artıq bihəyadır, kim cəbr etməkdə, baş kəsməkdə qoçaqdır. Tfu, xaraba qalasan, ölkə! Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam! Hər bir şeydən mənə təəccüb o gəlir ki, anam, qardaşım bilə-bilə ki, mən Səadətsiz dünyada bir gün də ömür eləmək istəməzdim, onunla belə o təmənnaya düşüblər ki, Səadətin adını çəkməyim... Afərin məhəbbətinizə! (Hürü kişi libasında daxil olur.) Fəxrəddin bəy (xoflu). Kimsən, nəçisən? Burada nə işin var? Hürü. Qorxma, Hürü nənə sənə qurban! Mənəm, mən. Belə sənin qoca Hürü nənən! Fəxrəddin bəy. Gecənin bu vaxtında, bu libasda? Nə olub, Hürü nənə? Allah xatirinə, tez məni hali elə. Hürü. Qorxma, canım sənə qurban, hələ qoy bir nəfəsimi alım... Səndən savay yaxında adam yoxdur ki? Fəxrəddin bəy. Heç kim yoxdur. Bircə de görüm Səadət salamatdırmı, nə iş ittifaq düşüb? Hürü. Salamatıq, a başına dönüm... Bizim o mürdəşir üzün yumuş Rüstəm bəy, məlun oğlu məlun, hazırlaşıb sizin evə od vursun gecə vaxtı və çölə çıxanı yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var, bilmirəm onu tanıyırsan, ya yox, o da Səadətdən ötrü dəli-divanədir, kişi istəyir onu da gətirib köməyə bu evin adamlarını cəmən qırsın... Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər, məni də göndəriblər xəbərə. Fəxrəddin bəy. Nahaq təşvişə düşüblər... Rüstəm bəy mənə heç zad eləyə bilməz; ancaq təəccüb burasıdır ki, mən hazırlaşmışdım gedim Rüstəm bəyin qulluği-şərifinə, bu düşmənçiliyi aralıqdan götürməkdən ötrü... İndi ki, belə oldu, neyləmək. Lazımdır sərhesab olmaq... Məni xəbərdar eləməkdə yaxşı iş görmüsüz... Biçarə Səadət yəqin əziyyət çəkir. Hürü. Səadət xanım biçarə özünü öldürür, deyir: Fəxrəddin bu vilayətdən baş götürüb getsin, aman günüdür, qoy, deyir: dünyayi-aləmin hər nə müsibəti var, mən çəkim, Fəxrəddinin başından bir tük əksik olmasın. Fəxrəddin, and olsun sənin əziz canına, mən dünyada belə qız görməmişəm, eşitməmişəm! Allah özü birliyi xatirinə, onu səndən ayırmasın!.. Gülbahar gecə-gündüz qardaş deyib ağlayır. Səadət xanım bir dəqiqə Gülbahardan əl çəkmir, quzu kimi onu yalayır. Belə bacı da olmaz, ana da olmaz. Fəxrəddin bəy. Mən bir işdə çox böyük səhv eləmişəm, Hürü nənə. Gərək Səadəti düz aparaydım Almaniyaya. Qalardıq orada və bir belə zəhmət çəkməzdik, bu vəhşi tayfanın nahaq, biinsaf, bimürüvvət işlərin görməzdik. İndi görək Allah nə istəyib! Hürü. Fəxrəddin, canım sənə qurban, mənim buraya gəlməyimi gərək heç kim bilməsin, çünki məlun oğlu məlun bizi diri-diri boğar, dar ağacına çəkər. İndi mən gedim, qurban sənə, Səadət xanım təvəqqe eləyirdi ki, burada qalmasın və gedən vaxt məni görməmiş getməsin. Fəxrəddin bəy. Mən buradan heç bir yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan əl çəkə bilmərəm. Doğrudur, mən adam öldürən deyiləm, amma onu mənim əlimdən Allahdan savayı heç kim ala bilməz. Hərgah bilsəm ki, Səadət məhəbbətini bir dəqiqə məndən kəsibdir, ikinci dəqiqə mənim bu dünyada axır nəfəsimdir. Bu sözləri təvəqqe eləyirəm, Hürü nənə, Səadətə deyərsən. Hər nə istəsəm, bu dünyada hamısını o məhəbbət gücü ilə eləyə bilərəm. Hürü. Səadət özü çox yaxşı bilir sən kimsən ondan ötrü, sən də bilirsən Səadət kimdir səndən ötrü. Allah hər ikinizi salamat eləsin, xətadan-bəladan uzaq... Gecə keçir, nənən sənə qurban, dəxi mən gedim. Fəxrəddin bəy. Get, Allah səndən razı olsun! Gəl üzündən öpüm. (Öpüşürlər.) Hürü. Sənə gələn dərd-bəla mənim sağ gözümə! Oğul-uşağım da sənə qurban, Fəxrəddin! Hürü gedir. Fəxrəddin bəy (tək). Rüstəm bəy intiqam almaq istəyir... Neyləmək! Belə vay, ellik ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər... Bitərbiyət, qanmaz, bihəya, yalançı, oğru, başkəsən, nainsaf, bimürüvvət... Neyləmək gərək?! İşimiz bel düşüb... Ağsaqqal, büzürgüvarımız Rüstəm bəy! Mənim taxsırım nədir ki, məni öldürtmək istəyirsiniz, bitaxsır? Görək bu şəriətimizdə var, Quranımızda var, ya belə işə insaf yol verə bilər?.. (Uzun səktə.) Xudaya, mən ölümdən qorxmuram, qüdrət sənin əlindədir, amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularıma yetməmiş cavan, bir gədasifət adamın əlində bitaxsır bada gedəm. Həvəs ilə başladığım işin aqibətin görməyib tələf olam! Mənim canıma qəsd eləyən şəxs, məgər Allahdan qorxmaz, xəyal eləməz?.. Məgər cavanlıq, nakamlıq zalımın qabağın kəsməz! Məgər Səadətin naləsindən qorxmaz?.. (Fikrə gedir.) Sədayi-qayibanə oxuyur: Sındırdı çərx zülm ilə balü pərim, haray! Döndərdi tez xəzanə fələk güllərim, haray! Ey ruzigar, neyləmişəm bilmənəm sənə, Ümmanə döndü qan ilə çeşmi-tərim, haray! Pərdə * * * Üçüncü məclis Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə. Cahangir bəy. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam. Fərhad və Məhərrəm daxil olurlar, təəccüblə Cahangir bəyə baxırlar. Fərhad. Cahangir, nədir? Genə sir-sifətindən qan yağır, suya basılmış toyuğa oxşayırsan?! Yəqin genə o əhvalatdır səni bu günə salan! Məhərrəm. Mən ölüm, Fərhad, bəri gəl, qayıdaq. Cahangiri bu halında görməkdənsə, görməmək yaxşıdır. Sağ olmuş, elə bil ki, xanzadələrin borcun bundan almaq istəyirlər. Cahangir bəy. Əlbəttə, elə deyəcəksiz... Kotan nə bilir qayış nə çəkir? Fərhad. Genə başlayıb rəhmətlik oğlu, buyur görək təzədən nə var? Cahangir bəy. Məgər siz mənim dərdimi bilmirsiz, dəxi nə lazım soruşmaq. Məhərrəm. Bu köhnə söhbətdir, Cahangir, təzədən nə var, onu buyur görək. Cahangir bəy. Nə olacaq, Fəxrəddin bəy gəlibdir, ümid yerim kəsilib, vəssalam! Bundan artıq nə istəyirsən? Məhərrəm. Ümid yerin kəsilib, sonra nə olsun? Evdə oturub dul arvad kimi zıqqıldamaqdan ələ nə gələr? İnsan gərək dərdinə dərman axtarsın, dərman tapa bilmədi, səbr eləsin, dözsün, dözə bilməz, boğazına bir çatı salsın. Zıqqıldamaqdan iş aşmaz. Cahangir bəy. Necə ki, mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm? Gecə-gündüz belə çevirirəm, elə çevirərəm və nə qədər fikir eləyirəm, bir əlac tapmıram məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi də deyirsiniz, deyin... Məhərrəm. Mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər, vallahı mən elə bu saat əzrailliyi qəbul elərəm. Dərd odur ki, mən elə dərmana inanmıram. Fərhad. Cahangir, mən ölüm, doğrusunu de, qızın sənə heç bir az meyli var, ya yox? Onunla bu barədə danışmısanmı? Yoxsa elə uzaqdan-uzağa Məcnun olmusan? Cahangir bəy. Nə qədər məgər sifariş eləmişəm... Cavabı həmişə birdir: “Mümkün deyil, məndən inciməsin”. Bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razı olma. Hərgah o fikrə düşsəniz ki, güclə iş əmələ gələ, o da nahaqdır, çünki mümkün olan şey deyil. Nitqim kəsildi, artıq söz deyə bilmədim, yola düşüb getdilər. Yerimdən bir saat tərpənə bilmədim, dallarınca heyran-heyran baxdım, gözlərimdən yaş biixtiyar nisan kimi töküldü. Uf!.. Məhərrəm. Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə... Cahangir bəy. Paaa, heç bir fənn qalıbdır ki, işlətməmiş olam... Nə molla, nə dərviş, nə seyid, nə cadu, nə pitik!.. Canımı, malımı tar-mar eləmişəm. Rüstəm bəyin özünə qandırdım, o zalım oğlu gör mənə nə cavab verdi: “Mənim qızım bir artıq oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan. Sənə bir kasıbfəndi qız gərək, hər kimin qızın istəyirsən, gedim bu saat alım”. Fərhad. İndi biz nə edək? Qız razı deyil, atası razı deyil. Evləri Qars qalası. Bəs nə tövr olsun? Cahangir bəy. Aman günüdür, qardaşlar, əgər bacarsanız müzayiqə eləməyin... Məhərrəm, Məhərrəm. Heç fikrə getmə, sizdən savayı kömək yerim yoxdur. Məhərrəm. Sən, Cahangir, qəribə adamsan, vallahı! Mən necə fikrə getməyim ki, Rüstəm bəy evini eləyib bir əlçatmaz qala, Fəxrəddin bəy həmçinin... Əlavə, tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə, sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın, axır sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Səadət xanım deyəndə, bir padşaha layiq qızdır, sənin, mənim tayımız deyil. Axır nə lazım olub bir bitməyən işin dalına düşək?! Cahangir bəy. Bayaq dedim: kotan nə bilir qayış nə çəkir?.. Allah səni mənim günümə saleydi, onda bilərdin mən nə haldayam və nə çəkirəm... Neyləyim? Fərhad. Rəhmətliyin oğlu, Məhərrəm də elə söz danışır ki, guya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallahı, onu elə bu gecə öldürüm! O ki qaldı qıza, sən öləsən çətini bir ələ keçməsidir, nə qayıracaq? Atılar, düşər, axırı yumşalar. Məhərrəm. Fərhad, Fərhad, böyük-böyük danışma! Vallah bu saat Fəxrəddin bəyin qapısında iki gədə var ki, bizi diri-diri yeyərlər... Nə söyləyirsən? Qız da o sən deyən qızlardan deyil, sən onu tanımırsan, ona yaxın getmək olu?! Cahangir bəy. Ay uşaqlar, siz ki, məni yaxşı tanıyırsınız. Mənim əlimdən nə gələr, nə gəlməz, heç kim bilməsə də, siz ki görmüşsünüz, siz ki bilirsiniz... Məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam? Əlim gəlmir, Səadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olub? Fərhad. Cahangir, bu olmadı! Qardaşım, gahi sən deyirsən Fəxrəddini öldürmək gərək, gahi deyirsən mən onu necə öldürüm... Bu sözlər bir-birini tutmur. Cahangir bəy. Doğrusu ki, mən başımı itirmişəm, özüm də bilmirəm nə danışıram. Yaxşısı budur ki, məni vurun öldürün, bir yol canım qurtarsın. Vallahı, doğru sözümdür, qanım sizə halaldır, öldürün! Məhərrəm. Bilirsiniz nə var? Belə danışıqdan iş aşmaz, Fəxrəddin bəyi öldürməkdən mətləb hasil ola bilməz. Hamısından yaxşı odur ki, qızın özünü bir tərəfə aparaq, hər nə ola-ola. Fərhad. Nahaq danışma, Məhərrəm. Nə qədər Fəxrəddin bəy sağdır, qızı aparsan da iş düzəlməyəcək, onda biz gərək baş götürüb elə bir tək Rüstəm bəyin əlindən bu vilayətdən qaçaq. Mən belə qanıram ki, hərgah Fəxrəddin bəy ortalıqdan götürülsə, bəlkə onda iş rast yoluna düşə. Məhərrəm. Bir iş də var, onu mülahizə eləmək. Rüstəm bəyin evində oğlu Mahmud bəyin arvadı, Fəxrəddin bəyin bacısıdır... Gülbahar xanım. Gərək Mahmud bəyin qaynını öldürsək, aya Cahangir bəyin işi düzəlir? Ona Mahmud bəy, – Rüstəm bəy dursun bir kənarda – görək razı olur? Canım, mən nə qədər fikir eləyirəm, bu işin axırını bir yana çıxarda bilmirəm doğrusu. Cahangir bəy. Məhərrəm, sənin axırın niyə belə bietibar oldu, a gədə? Mən haman Cahangir deyiləmmi ki, yoldaşlar cəmən qaçdılar, mən geri qayıdıb, səni yaralı dalıma alıb güllə dolu kimi yağan vaxt at kimi qaçdım, qoymadım öldürələr? Bu dursun kənarda... Mən haman Cahangir deyilləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə, sonra dalımda, qaça bilmirdin, nə qədər mənzil apardım?.. Məhərrəm, Məhərrəm, qaranlıq meşədə cərrahlıq edib üç ay gündə iki dəfə yaranı açıb-bağlayan, ana-bacı kimi sənə pərəstar olan kim olub? Qoçaq yoldaşlarımız dağıldılar, bircə tək mən axırda qaldım sənin yanında. Məhərrəm, məgər bu əhvalatlar yadından çıxıblar? Məhərrəm. Qurtardın ki? El-oba sədası doğru olarmış! Cahangir, həqiqət mən görürəm sən dəli olubsan... Məgər sənin işindən mən baş qaçırdıram?! Eyibdir sənə, Cahangir, belə sözlər danışmaq. Mən canımdan, malımdan əl çəkərəm sənin yolunda, ancaq biləm ki, iş əmələ gələ bilər. Nahaqdan atılıb düşməkdən iş aşmaz. Mən deyirəm iş görək, iş olsun... Axır, qardaşım, vallah, billah, tallah, Fəxrəddin bəyi öldürməkdən heç zad ələ gəlməz. Fərhad. Uzun danışmaq lazım deyil. Durun ayağa gedək rizliyək, bir-iki gündən sonra özümüzü vuraq əjdahalar içinə, ya onlara verən Allah, ya bizə; hər nə ola-ola... Ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmağa, vəssalam!.. Mənim məsləhətim belədir, indi özünüz bilin. Məhərrəm. Baş üstə, buyurun gedək... Cahangir bəy. Buyurun gedək. (Gedirlər.) Pərdə * * * Dördüncü məclis Vaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng. Şahmar bəy. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.) Hacı Murad, Xəlil gəlirlər. Şahmar bəy. Uşaqlar, nə var, nə yox? Xəlil. Ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır, iki qədəmdə adamı seçmək olmur. Hacı Murad. Bircə elə hənirtidən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər. Şahmar bəy. Əgər birisini diri tuta bilsəydik, çox yaxşı olardı. Ancaq, Allah xatirinə, özünüzü gözləyin, yoxsa birinizi vursalar, gərək biz papaq qoyub çölə çıxmayaq. Hacı Murad. Qurbanı öyrətmişəm ki, onlar yaxın gələndə naqafil ayı kimi bağırsın “kimsən?” Onda həriflər bir balaca özlərini itirəcəklər, o dəqiqə birinin allam üstünü, qoymaram gözün aça, boynunun ardına bir-iki döşərəm, tərpənə bilməz, o saat səriyərəm qollarını. Qurtardı, getdi. Şahmar bəy. Əgər bacarsan, çox yaxşı olar... Yatmayın, bəlkə gec gəldilər, özünüzü gözləyin. Necə ki düzmüşəm, elə qaydada dursunlar. Hərgah ot tayasını yandırmaq istəsələr, mane olmayın, qoyun yandırsınlar. Xəlil. Ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin evi tərəf də qorxuludur. Şahmar bəy. O tərəfdən cürət edib gələ bilməzlər, ancaq Hacı Rəsulun çəpərində adam qoymaq gərək. Xəlil. Gərək mən özüm orada duram. Hərgah o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəyəm, elə ataram qalar yerində. Şahmar bəy. Çox yaxşı, dəxi durmaq yeri deyil. Gedin görək Allah nə istəyib. Sərhesab olun, özünüzü gözləyin. (Gədələr gedirlər.) Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xarabanın işini bilməzsən, burada müsəlmanlar haqq-nahaq bir-birinin qanın içirlər, mənə inanmırdı, indi özü düşüb əl-ayağa! Bəs necə, oğlan, elə bilirsən ki, biz burada asanlıqla çörək yeyirik? Bizim yer Almaniyadır? Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər istər. Fəxrəddin bəy (daxil olur, əlində tüfəng). Xaraba qalasan, vilayət! Mən, Fəxrəddin, tüfəng? Nə eləyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən... Bir adam ki, heyvandan seçilməyə, ondan əlbəttə qorxmaq gərək. Şahmar bəy (təbəssümlə). Hm! Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir, bir-birinə bənzəyirmi? Fəxrəddin bəy. Yalansa xaraba qalsın sizin vilayət! Hələ bir şey yoxdur ki, ay Şahmar? Şahmar bəy. Hələ ki, xeyr. Hərgah gələn olsa, kənarda bir gədə qoymuşam, it kimi hürəcək, bizi xəbərdar eləyəcək. Fəxrəddin bəy. Qoşunkeşlikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də vəhşi, nadan tayfa olar? Gecə-gündüz yuxusuz, hər bir saatda gözlüyürük ha budur evimizi odlayacaqlar, gülləbaran edəcəklər. Şahmar bəy. Bəs biz nə edək ki, tamam ömrümüz belə keçir?.. Darıxma, Fəxrəddin, Allah kərimdir. Ancaq, qardaş, belə işlər sənin işin deyil, sən get arxayın yat. Fəxrəddin bəy. Əlbəttə, gedib yatacam, ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya-olmaya bir adam yaralana... Hərgah bir adama güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bax, Allah xatirinə, qan tökməyin, səy eləyin qaçsınlar, getsinlər. Şahmar bəy. Sən get arxayın yat, qoymaram xəta ola... Elə gördülər ki, biz sərhesabıq, özləri qaçarlar; qorxma, qoymaram adam vurula. Fəxrəddin bəy. Allah amanında... Mən gedirəm, ancaq mən ölüm, Şahmar, tapşır ki, vurmasınlar. Eşidirsənmi, mən ölüm deyirəm ha!.. Şahmar bəy. Qorxma, qoymaram, arxayın ol. Gecə yarıdan keçib, get yat. Fəxrəddin bəy. Hərgah yatmaq mümkün olsa. Yaxşı, xudahafiz. (Gedir.) Şahmar bəy. Xoş gəldin... Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşə, nə qəribə iş olar?.. Hər nə desən çıxar o kişidən, beş vaxt namazdan savay... (Səktə.) İş bilməmək belə olar a... Yalvarır ki, qoyma adama zəfər yetişə. Bəli, biz onları vurmayaq, onlar bizi qırsınlar... Yaxşı məsləhətdir vallah... Görək, Allaha pənah. (Gedir.) Şahmar bəy gedəndən bir az sonra Fərhad və Məhərrəm daxil olurlar, xoflu, yavaşdan danışırlar bağçada, əllərində tüfəng. Fərhad. Keçəl! Şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi... Nərdivanı harada qoydun? Məhərrəm. Çəpərə söykəmişəm... Təpil, təpil! Bax, bax! Fəxrəddin bəy bu özüdür, şamı yandırıb kitab oxuyur, bədbəxt, əcəl girləyir... Mən ölüm, hələ tələsmə, qoy görək nə qayıracaq... Kitab oxuyur, şəklə baxır; yəqin Səadət xanımın şəklidir. Fərhad. Tamaşa yeri deyil, qardaş! Tutarlar, sən öləsən dərimizi boğazımızdan çıxardarlar, qurtar gedək!.. Məhərrəm. Bağ içində bizi kim görə bilər? Mən ölüm, bir az səbr elə. Afərin oğlan, pəh, pəh, pəh!.. Fərhad. Belə dur görüm aa. Qoy yatırdım gedək, sonra tərif elərsən! Məhərrəm. Mən ölüm səbr elə... A gədə, sən nə qorxaqsan?! Bel bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar?! Fərhad. Bu canım ölsün ki, ya sən dəli olubsan, ya bizi əcəl girləyib... Bircə fikir elə gör haradasan, məqam nə məqamdır! Məhərrəm. Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır!.. Fərhad. Pa-a-a, olmadı ki!.. Bəsdir, rəng-rəng danışma, sən Allah, qoy tamam eləyim gedək. Məhərrəm. Mənim əlim qurusun əgər belə cavana mənim əlim qalxsa. Heyf deyil? Adam gərək onda Allahsız olsun. Fərhad. Məhərrəm, Allaha bax, bu yer naz-qəmzə yeri deyil. Məhərrəm. Mən ata bilmərəm, əlim qurur. Fərhad. Əstəğfürullah! Sən belə dur, gör mən onu necə yatırdıram! Məhərrəm. Olmaz, qoymaram heç vaxt! Əllərimi kəssən, dişlərimlə tutub qoymayacağam, vəssalam! Fərhad. Bəs nə üçün məni buraya gətirmisən?! Yəqin ki, mənlən düşmənçiliyin var? Məhərrəm. Uzun danışma, Fərhad, ağıllı danış! Sənə deyirəm qoymaram, qoymaram, vəssalam! Fərhad. Bircə de görüm Cahangirə nə cavab verəcəksən? Məhərrəm. O sənin borcun deyil. Fərhad. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən, bəlkə hələ... Məhərrəm. Baş aparma, Fərhad, adam kimi danış... Kənarda tüfəng atəşinin səsi gəlir, Foxrəddin şamı söndürür, Məhərrəm və Fərhad qaçırlar. Xəlil. Tərpənmə, tərpənmə boynunu sovurram! Şahmar bəy. A gədə, qoymayın. Qabaqla! Hara qaçırsan? Qoymayın, ay gədə! Hacı Murad. Tutun, ay gədə, qoymayın, getdi. (Tüfəng səsi.) Xəlil. Tüfəngi elə atmazlar, al gəldi. (Tüfəng səsi.) Hacı Murad. Tutmuşam, gəl ay gədə! Tərpənmə! Tərpənmə, öldürdüm! Hara tərpənirsən? Öldürrəm bu saat! Xəlil. O birisi necə oldu, ay gədə? At qalsın yerində, qoyma qaçdı! Şahmar bəy. Qorxma, gəldim... Buraxmayın! Bağla qollarını!.. O birisi necə oldu, ay uşaqlar?.. Xəlil. O birisini apardılar. (Tez-tez tüfəng atılır və səs uzaqlaşır.) Qoymayın, apardılar! Pərdə * * * Beşinci məclis Vaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər. Səadət xanım. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər? Gülbahar xanım. Mən özüm də qanmıram... Mahmud gedəndə mənə dedi ki, şəhərdə işim var, bir-iki gündən sonra qayıdacağam. Hürü. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşandan bir-iki saat sonra tüfəngi götürüb getdi. Deyəsən, elə, o bədbəxt uşaqları o tərəfə getdilər. Gülbahar xanım. Yavaş bir, ay qız! Bu nə səsdir, ay başına dönüm? Səadət xanım. Bir az sakit ol görüm. (Səktə.) Siz burada durun, mən görüm bu nə səsdir, bu saat qayıdaram. (Gedir.) Hürü. Heç belə iş görünməyib ki, sənin evində bir Allah bəndəsi gəlin ola, sən gedəsən onun atası evinə od vurub, qardaşların öldürəsən. Belə yox olasan sən, ay Rüstəm bəy, yox! Gülbahar xanım. Allahın qəzəbinə gəlsin görüm onu, evi başına uçsun, tar-mar olsun, Səadətin canından uzaq yerdə. Hürü. Vallah, əgər Səadət olmaya, bu evdə mən bir gün də qalmaram. Deyirəm, nə bilim bəlkə Allah rəhm eləyə, bir növ bunlar barışalar. Səadətin işin qurtaraq, çıxaq gedək evimizə. Gülbahar xanım. Yox, bu evi yıxılmış Rüstəm bəy farağat oturmayacaq, ölənəcən barışıq da ola bilməz. O elə məlun deyil! Səadət xanım (tələsik gəlib). Hürü nənə! Mahmudun çuxasını, Əhmədin yapıncısını, papaqlarını tez buraya gətir, tez ol, tez! Sual lazım deyil, durma. (Hürü gedir.) Xudaya, bilmirəm biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir?.. Gülbahar, titrəmək vaxtı deyil... Bu dəqiqə sən gərək gedəsən, burada artıq qala bilməzsən! Evin yıxılsın ata, evin yıxılsın! Gediblər... Qırğın olub, çoban söyləyir... Gülbahar xanım. Canım sənə qurban, Səadət, yoxsa atamın evi yıxılıbdır? Uy Allah, uy Allah, ölüm mənimdir! Səadət xanım. Ağlamaq yeri deyil. (Hürü gəlir.) Gey çuxanı, papağı qoy başına. Hürü nənə, sən də. Tez olun, bax, ha belə... İndi Allah amanında, durmayın, Gülbahar, məni yadından çıxartma, gedin, Allah sizə yar olsun! Gedin, yoldan kənar, özünüz də bağçanın dalından çıxın. (Ağlaşıb öpüşürlər.) Gülbahar xanım (gedə-gedə). Yazıq canım vay, yurdsuz-yuvasız canım vay! Səadət, Səadət, ölüm yaxşıdır ayrılıqdan. Səadət xanım. Allah kərimdir, gedin, gedin! Görüm mənim başımda nə müsibətlər var! Hürü. Gedək! Rüstəm bəyi görüm iki gözlərindən olsun, hirsi başında çatlasın. (Ağlaya-ağlaya gedirlər.) Səadət xanım (tək). Tez gedin, yoxsa rast gələ bilərsiniz. Çoban gətirən xəbərdən belə görünür ki, böyük dava olub, hər iki tərəfdən ölən olub... Xudaya, səni and verirəm öz böyüklüyünə, hərgah bir xəta olubsa, o xata qardaşımdan, atamdan uzaq olsun, ölüm mənimdir, Allah!.. Allah, sən özün Fəxrəddinə qıyma, yazıqdır, nakamdır, mən də yazığam... Xudaya, rəhmini kəsmə, bir belə müsibət kifayətdir, dəxi tab eləyə bilmirəm. Səs gəlir. Səadət xanım irəli durub. Kimsən? Yaxın gəlmə, adını de, yoxsa... Rüstəm bəy (bağçadan). Mənəm, Səadət, qorxma! Səadət xanım. Salamatsınızmı, ata? Dəxi məndə can qalmayıb... Belə iş olmaz ki, siz mənim başıma gətirirsiniz. Rüstəm bəy. Qorxma, qızım, bir elə artıq iş olmayıb, sən get içəri, yad adam var. Səadət xanım. Bir elə iş olmayıb nə deyən sözdür, ata? Bəs Mahmud hanı? Allah məni öldürsün qurtarsın sənin əlindən! Rüstəm bəy. Sənə deyirəm bir elə iş olmayıb, get, qalmağal eləmə! Camaatı buraya tökmə! (Mahmud bəyi Əhməd qoluna girib yavaş-yavaş gətirir.) Səadət xanım. Uy, uy, qardaş! Bacın ölsün, ay qardaş!.. Sənə nə olub, ay qardaş?! Rüstəm bəy. Səadət! Çığırıb-bağırıb aləmi buraya tökmə, Allah xatirinə!.. Mahmud bəy (zəif səslə). Qorxma, Səadət, qorxma, sənə mən söz verdim, mən deyən olmadı, Allah işidir. Rüstəm bəy. Bir yastıq! Tez, tez ha! (Səadət xanım qaçır yastıq gətirməyə.) Qorxma, yassar, mərdanə ol, oturt Əhməd, gir qoltuğuna... Ha belə! Mahmud bəy. Tələsməyin, qoyun bir az dincəlim. (Səadət yastıq gətirir.) Uf, yavaş, yavaş! Rüstəm bəy. Gərək soyunduraq, soyunmasa olmaz. Əhməd, başın qalxız, ha belə, indi rahatsanmı, oğul? Güllə haradan dəyib, ay gədə? Səadət xanım. O güllə bacının gözlərinə dəyəydi, ay qardaş, yazıq qardaş! Dincəldinmi, ay ata, dincəldinmi? Rüstəm bəy. Bir qayçı, tez a! Yara gərək bağlana, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır... qolunu, belə başına dönüm, çıxart, Əhməd! Mahmud bəy. Yavaş-yavaş, tərpətmə! Qoy bir az dincəlim. (Əhməd yaraya baxır.) Rüstəm bəy. Qan çoxmu gedib, ay gədə? Əhməd. Bilmək olmur, ay ağa. İndiyə kimi axdı getdi, qan nə qayırır? Səadət xanım (gəlir, əlində qayçı). Sən belə dur, Əhməd! Bacın gözlərinə qurban, qardaş!.. Əhməd belə tut, ha belə. Yavaş, tut buradan, çıxart, yavaş-yavaş. Bu saat, canım sənə qurban, çıxart, ha belə. Rüstəm bəy (Səadətə). İndi sən belə dur, özün də buradan get... Əhməd, üsullu böyrü üstə çevir... Yaxşıdır, çox incitmə... Bu yaranı bağlasan yaxşı deyil. Səadət xanım. Elə demə, deyilən ki, evin yıxılıb, vəssalam... O güllə bacının sağ gözünə dəyəydi, ay qardaş!.. Axır sənin nə işin vardı elə yerlərdə, yazıq qardaş, mehriban qardaş? Dincəl ata, evi yıxılmış ata, dincəl!.. Rüstəm bəy. Mahmud, Mahmud... Niyə danışmırsan, ay başına dönüm? Mahmud, Mahmud!.. Başın bir az dikəlt, ay gədə. Bu Vəli hansı cəhənnəmdə qaldı bilmirəm! Əhməd. Ağa, Cahangir bəyi, Vəlini tutdular, yazıqlar şir kimi əlləşirdilər, olmadı!.. Zalım uşaqları guya ki, bizim yolumuzu gözləyirlərmiş!.. Səadət xanım (Mahmuda baxıb.). Uy, ay qardaş!.. Ata, evin başına uçsun!.. Ata, barı üzünü qibləyə çevir. Rüstəm bəy. Mahmud, Mahmud... Axır sən Rəşid bəyin qardaşısan, niyə belə yassar olursan? Mahmud, niyə dinmirsən, qoca atan sənə qurban? Səadət xanım. Bacın gözlərinə qurban, qardaş! Allahı çağır, salavat çevir, kəlməni de, ürəyinin sözünü de, nakam gedən qardaş! Mahmud bəy (zəif səslə). Gülbahar... Səadət xanım. Gülbaharı çağırımmı gəlsin? Rüstəm bəy. Canıma od salma, ciyərimi dağlama, nakam gedən oğul! Taxsır məndədir, ay oğul, mən ölməli idim, mən, mən, mən, mən... mən... mən!.. Mahmud bəy. Gülbaharın xatirinə dəyməyin, incitməyin. Səadət xanım. Qorxma, ay qardaş... Mən ölənəcən qoymaram Gülbahara güldən ağır söz deyilə. Gülbaharın sənə qurban, bədbəxt qardaş! Rüstəm bəy. Ay oğul, aman günüdür, mənim evimi yıxma!.. Məni imansız eləmə!.. Əhməd. O güllə dəyəydi mənim sağ gözümə, ay ağa, ay yazıq, fəqir ağa... Elə adam vurmayın deyib yalvarırdın, ay ağa!.. Məzlum ağa!.. Rüstəm bəy. Bircə səsini çıxart, ay oğul! Malım-dövlətim sənə qurban, ay oğul! Evimə od düşəydi, Muhmud, dilim quruyaydı, Mahmud! Səadət xanım. Sən qardaşımı tufana verdin, ata! Sən yıxdın evimizi! Yurdun dağılsın, ata!.. (Mahmuda baxıb.) Uy, başınıza dönüm, qardaşım keçinir, üzün qibləyə çevirin. Evi yıxılmış ata, yurdu tar-mar olmuş ata, barı qoyma qardaşım Quransız keçinə... Uy, Allah, yazıq qardaşım! (Mahmudu qucaqlayır.) Rüstəm bəy (Mahmuda baxıb). Əhməd, xalçadan tut, belə çevir. Dilim quruyaydı, oğul! (Üzünü qibləyə çevirirlər.) Bir az da belə... Səni namus yolunda bada verdim, oğul!.. Əhməd, yüyür molla dalınca!.. Əhməd. Evimiz yıxıldı, ay başına dönüm. Bu şəhidə nə Quran?.. Gecənin bu vaxtında molla nə qayırır, yetirməz... Keçibdir... Səadət xanım (tez Quranı götürüb). Ay qardaş, ay qardaş!.. Qulaq as, gör bacın üstündə necə Quran oxuyacaq. (Quranı açır.) Bismillah rəhmanürrəhim... (Qəşş eləyib yıxılır.) Rüstəm bəy (ayaq üstə, başıaçıq). Ay gədə, o xəncəri sox mənim ürəyimin başına, atam sənə qurban!.. Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın!.. Başınıza dönüm... Muhmud, Mahmud!.. Ev-eşiyimə bu saat od vuracağam, Mahmud! Səndən sonra mənə heç zad lazım deyil, Mahmud!.. Əhməd! Əhməd! Od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam! (Gedə-gedə.) Uy, Mahmud, uy Mahmud, belimi sındıran oğul! Əhməd. Qurtardın, ağa, dünyanın qiylü-qalından. Heyf sənə! Səndən sonra mən bu evə üz döndərmərəm, qanına əvəz eləyib baş götürüb gedərəm, and olsun sənin bu canına!.. Külfətdən əl çəkib, vətəni atıb, yurd-yuvanı dağıdıb, baş götürüb gedəcəyəm... Ta bu ömr olmadı!.. (Üzündən öpüb.) Özümü sənə qurban dedim, indi get qəbirdə rahat yat, qanına qan elərəm, qorxma! (Gedə-gedə.) Ağa, mehriban ağa, rəhmli ağa, nakam ağa!.. Pərdə * * * Altıncı məclis Vaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada. Əhməd (ətrafa baxa-baxa gəlir). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi, dost-aşna getdi, mən tək qalıb nə olacağam?! Əhdimə vəfa elərəm, ondan sonra Göz dolu yaş, üzüm tutumuş vətənə, Cigər dağlı ah-nalə edərəm; Külfəti tapşırıb həqq dadinə, Baş götürüb biyabanə gedərəm. Tüfəngini sazlayıb gizlənir. Fəxrəddin bəy (gəlir bağçaya). Hacı Murad, bu gün gələn qəzetləri gətir buraya!.. Heç belə yorulmamışdım ki, bu gün yorulmuşam; bizim bu camaat ilə məgər iş görmək olar. Günbəgün, saatbasaat nə qədər yaxın bələd oluram bunların xasiyyətlərinə, bir o qədər aşkar görürəm ki, bir gül ilə bahar olmaz. Dəxi məni təngə gətiriblər, ovqatım olub təlx, ələlxüsus biçarə Mahmudun müsibəti məni hər şeydən artıq yandırır... Ay kişi, belə də murdar vilayət olar? Bu mərtəbədə vəhşilik, nadanlıq olar?.. Tfu! Mənim bu heyvan qardaşıma nə qədər yalvardım, təvəqqe elədim ki, xəta olmasın, nahaq qan tökülməsin, genə olmadı... Kimdir müqəssir?.. Müsəlman qardaşın vəhşi nadanlığı... Biçarə, yazıq Mahmud, heç nahaq yerə tələf oldu getdi. Allah Rüstəm bəyə lənət eləsin, üzün hər iki dünyada qara eləsin... (Hacı Murad bir səndəli gətirir, bir cüt şam və bir miz.) Hacı Murad, Xəlil necədir, yarası sağalıbdırmı? Hacı Murad. Yaxşıdır indi, ağa... Gədə az qalmışdı ölsün, qoçaq həkim əcəb kömək elədi. Bir-iki gün olur ki, azarxanadan çıxıbdır. Fəxrəddin bəy. Çox şadam... Hacı Murad, səhər tezdən gedərsən Əhməd bəyin yanına və bir araba da apararsan, təhəng çubuğu verəcək gətirərsən. Əlavə bağbanlara deyərsən ki, aşağı bağı tamam kəlləsər eləsinlər. Özüm də gələcəyəm. Hacı Murad. Bəli, ağa, baş üstə. Fəxrəddin bəy (qəzetə baxıb). Gedə bilərsən. (Hacı Murad baş vurub gedir.) – Vallahi-billahi, doğru yazıblar, haqları var... Bizim kimi vəhşi tayfanın dünya üzündə gərək yeri olmasın... Mollalar bizim axırımızı yetirdilər...Hara baxırsan heç bir könül şad edən şey görmürsən... Bundan artıq bədbəxtlik ola bilərmi ki, sən öz evində bir saat qorxusuz rahat otura bilməyəsən; küçələrdə, yollarda qorxusuz gəzə bilməyəsən. Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam ki, biz vəhşi olub qədr-qiymətini qanmırıq! Tüfəng atılır, Fəxrəddin bəy yıxılıb tez qalxır, Hacı Murad tələsik gəlib onu qucaqlayır. Hacı Murad. Ay başınıza dönüm, aman günüdür gəlin... Nə oldu, ay ağa? Nə oldu, başına dönüm? Fəxrəddin bəy. Bimürüvvət oğlu, biinsaf oğlu!.. Hacı Murad. Ay dad, ay fəryad! Amandır, gəlin, ay başınıza dönüm! Gəlsənizmi, Şahmar bəy, Xəlil!.. Fəxrəddin bəy. Məni oturt, həkimi çağır... Xudaya şükür... Qəribə müsibətdir, müsibəti-müsəlmanan! Vəhşilik, elmsizlik, nadanlıq! Bəli, neyləmək, qəza işidir... (Şahmar bəy əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəlil qolu boynundan asılı tələsik gəlirlər, Hacı Murad Şahmar bəydən tüfəngi alıb qaçır.) Şahmar bəy (Fəxrəddini qucaqlayıb). Xəlil! Həkim, tez... Qorxma, başına dönüm, qorxma, canım sənə qurban! Hacı Muradın çöldən səsi gəlir. Hacı Murad. Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm.. Qaçma, ay gədə, vallah səndən əl çəkməyəcəyəm! (Tüfəng atılır.) Mələk xanım. Allah, amandır, Allah, amandır. Allah, özün rəhm elə, qorxma gözlərinə qurban! (Oturur Fəxrəddinin yanında.) Uy, ay Fəxrəddin, bu nə işdi bir düşdük?! Gülbahar xanım (Fəxrəddinin ayaqlarını qucaqlayıb). Uy, ay qardaş! Uy, yazıq qardaş! Fəxrəddin bəy. Qorxmayın, qorxmayın... Çıxart (libasın), hərgah ağ ciyərə dəyməmiş olsa, ümid var... Şahmar bəy. Burada ağ ciyər nə qayırır, ay başına dönüm? Sən bircə qorxma. (Soyundurur.) Qorxma, canım sənə qurban, bu saat... Gülbahar, bir yaylıq, tez! Bir də yastıq, tez! (Gülbahar gedir.) Fəxrəddin bəy. Darıxmayın. Mələk xanım. Atam-anam o tökülən qanına qurban, oğul! Çırağımı söndürmə, Fəxrəddin! Uy, yandım Allah! Şahmar bəy. Tez ol, ay qız, yaylıq... Fəxrəddin bəy. Darıxma, Şahmar!.. Allaha pənah!.. Şahmar bəy. Şahmar adlı qardaşın olmayaydı, Fəxrəddin və belə müsibəti görməyəydi. (Gülbahar xanım yaylıq və yastıq gətirir.) Qoy buraya, ha belə... Uzan, uzan, canım sənə qurban! (Yaranı bağlayır.) Fəxrəddin bəy. Həkim necə oldu, nəfəsim darıxır... Gülbahar. Darıxan nəfəsinə günüqara, bədbəxt bacın qurban, Fəxrəddin! Uy, yazıq qardaşım... Hürü (tələsik daxil olur). Güllə kimə dəyib, a başınıza dönüm?.. Bu nədir, Allah, bu nədir? Fəxrəddin, Fəxrəddin, Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin, aman günüdür, Fəxrəddin! Evin yıxılsın, Mələk xanım! Başına əlləmə düşsün, Mələk xanım, dincəldinmi, dincəldinmi?! Mələk xanım. Ay camaat, məgər ciyərimdən çıxan tüstünü görmürsünüz!? Yandım, Allah! Dilim lal olaydı, Fəxrəddin! Gözlərim kor olaydı Fəxrəddin! Gülbahar. Uy, Şahmar, bir belə də qan gedərmi? Qoyma başına dönüm, amandı Allah! Amandı!.. Allah, sən özün rəhm elə, bizə yazığın gəlsin!.. Fəxrəddin bəy. Həkimin köməyindən keçibdir... Mənə bir az su... Mələk xanım. Su vermək olmaz, Şahmar, Şahmar! Dur qəbirdən, Heydər, dur qəbirdən özünü mənə yetir, Heydər! Heydər gəl! Heydər gəl gör əziz balan nə gündədir? Nə halətdir, Heydər! Uy, ciyərim yandı! (Qəşş eləyir.) Hürü (yaraya baxıb). Can!.. Can Fəxrəddin... Əllərin quruyaydı, düşmən! Belə çevir, qan içəri dolmasın, Şahmar, dincəl Mələk xanım! Fəxrəddin bəy. Macal vermədi... Bivaxt... Heyf! Gülbahar xanım. Ay başına dönüm, həkim necə öldü? Ay ata, ay ata, evinə od düşeydi, ay ana! Yurdun tar-mar olaydı, ay ata! (Fəxrəddinə baxır.) Həkim necə oldu? Başınıza dönüm... Həkim, həkim, həkim! (Qaçır çölə.) Şahmar bəy. Ürəyin incidirmi, qardaş? O güllə mənim sağ gözümə dəyəydi, Fəxrəddin! Fəxrəddin bəy. Məktəbxana, azarxana məndən sonra tək nişanədir, dağıtma. Səadətə hörmət eləyin, düşməni bağışlayın... Şahmar bəy. Şahmar adlı qardaşın ölsün, Fəxrəddin. Yaman yerdə evimizi tar-mar elədin! Fəxrəddin bəy. Şahmar! Şahmar bəy. Can Şahmar! Nədir, başına dönüm? Sözünü de!.. Fəxrəddin bəy. Səadət... Şahmar bəy. Hürü nənə, canım sənə qurban, Səadət xanım qonşuluqda dayısı evindədir, çağır gəlsin, ciyərim odlanır, Fəxrəddin! Hacı Murad, Xəlil daxil olurlar. Hacı Murad. Ağa! Səni bu hala salanı cəhənnəmə vasil elədim; amma heyf sənə, kaş o güllə mənə dəyəydi... Ölüm Allah əmridir, ağa, ancaq... (ağlamaq qoymur danışmağa.) Xəlil (yaraya baxıb). Üç atlı göndərdim həkim dalınca, həkim gəlib bu yaraya neyləsin! O güllə mənə dəyəydi... Kaş bu yaradan öləydim, səni bu halətdə görməyəydim, yazıq ağa, məzlum ağa! Fəxrəddin bəy. Əşhədü-ən-lailahə-illəllah, əşhədü-ən-Məhəmmədən-rəsuləllah... Mələk xanım (ayılıb). Heydər necə oldu? Onu buraya çağır, indi bu saat buraya gəlmişdi... Heydər, Heydər!.. Aparın məni salın quyuya, atam-anam sizə qurban!.. Fəxrəddin vay, cavan oğlum vay! Heydər gəl, gəl gör nə günə düşmüşük, gəl oğluna toy elə, Heydər! (Qəşş eləyir.) Səadət xanım (daxil olur Hürü ilə). Belə dur. (Hürüyə. Oturur Fəxrəddinin yanında. Xəlil, Hacı Murad çölə çıxırlar.) Şahmar bəy. Fəxrəddin, bir gözünü aç gör bizə kim gəlibdir! Səadət xanım. Fəxrəddin, mən səni bir yekə pəhləvan hesab eləyirdim, bəs sən belə imişsən?! Fəxrəddin bəy (Səadətin əlindən tutub). Ağlama, mərdanə ol, qəza işidir, təzə bağda dəfn eləyin, qan tökmək kifayətdir... Səadət xanım. Mənim bu yanan ciyərimi göz yaşı söndürməz. (Əlindən öpür.) Fəxrəddin, necə gözəl arzularımız qaldı, Fəxrəddin... Bu dünya necə puç dünya imiş, Fəxrəddin! Heyf sənə, heyf, heyf... Bu pis, murdar ömrü müsəlman qardaş dəxi bədtər eləyib. Bu müsibət məgər nadanlıqdan, elmsizlikdən deyil?! Hürü. Fəxrəddin! Nə qayırırsan? Ay başuva dönüm! Ay başınıza dönüm, qoymayın, aman günüdür, Fəxrəddin keçir!.. Vay, evin yıxılsın, Mələk xanım, yurdun itsin, Mələk xanım!.. Mələk xanım (dəli sifətində qalxıb). Yanıram, vallah yanıram, billah, üstümə su tökün, başınıza dönüm!.. Heydər, Heydər... Gəl, gəl, gəl. Şahmar, qoyma, evimizə od düşüb! Ay aman, yandıq! Yandım, yandım, yandım, Allah! (Qəşş eləyir.) Şahmar bəy (diqqət ilə baxıb). Belimi sındırdın, qardaş! Ymid yerimi kəsdin, qardaş. (Gedir, ağlaya-ağlaya). Səadət xanım. Hürü nənə, Mələk xanımı apar çölə, biçarə dəli olacaq... Hürü (Mələk xanımı durquzub aparır). Dur gedək yurdu başına uçmuş, xanimanı dağılmış, dur gedək, dur... Öz əlinlən evini yıxdın! Mələk xanım. Apar məni sal quyuya, atam-anam sənə qurban, Hürü!.. Fəxrəddin balam vay! Cavan oğlum vay!.. Heydər, gəl, balamın sevgilisi yanındadır, gəl toy elə! Heydər, gəl, gəl, gəl! (Gedirlər.) Səadət xanım (tək). Belə namərdlik olmazdı ki, sən elədin, Fəxrəddin... Uff! Ürəyimə bir dağ çəkdin, ölənəcən yandıracaq, Fəxrəddin!.. Mən səni bu mərtəbədə istəməsəydim, Fəxrəddin, bir dəqiqə bu dünyada sağ qalmazdım. Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm... Nə qədər canım sağdır, sənə təziyədar qalacağam, gündə beş vaxt qəbrinin başına dolanıb, azarxanada, məktəbxanada mücavirlik edəcəyəm. Səndən sonra ömrüm uzun ola bilməz! Fəxrəddin, vəsiyyət edəcəyəm qəbrimizi bir etsinlər... Heyf sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini-qiymətini bilmədilər... İndiyə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm, ayrılıqdır, Fəxrəddin! (Qucaqlayıb öpür.) Nəfəsim gəlmir... Bismillahir-rəhmanir-rəhim... Xudaya! Mən necə bədbəxt yaranmışam ki, gör kimlərin üstündə Quran oxuyuram... Məgər belə müsibət çəkmək olar? Dağlanmış sinəmi parə-parə elədin, Fəxrəddin... Bismillahir-rəhmanir-rəhim... Ciyərim dağlandı, Fəxrəddin! (Fəxrəddini qucaqlayıb qəşş eləyir.) Sədayi-qayibanə oxuyur: Va həsrəta qoydu fələk binəva səni; Aləmdə dərd çəkməyə gördü rəva səni. Dünya evində olmadı bir yaxşı gün nəsib, Övrətlər içrə eylədi bəxtiqara səni. Pərdə * * * == Pəhlivanani-zəmanə == Pəhlivanani-zəmanə Əhli-məclis Aslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında Laçın bəy – 36 yaşında, çərkəs libasında Qulu – ləqəbi “Şeytan”, Aslan bəyin nökəri, 54 yaşında Cahangir bəy – küçə vəkili, 58 yaşında, rus libasında, başında papaq Əhməd – ləqəbi “Pişik”, Cahangir bəyin sağ əli Cabbar bəy – qızılkəndli Məşədi Tağı – xarabakəndli Qurban – balaca kəndli İmamqulu bəy – cavan oğlan, müsəlman libasında Paşa – nalbənd, 30 yaşında * * * Əvvəlinci məclis Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş. Əhməd (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt! Cabbar bəy (daxil olub). Salam əleyküm. Əhməd (tələsik). Əleykümsalam, Cabbar bəy, əleykümsalam... Buyur. Buyur... Buyur əyləş görək. Mən səni dünən gözləyirdim, kişi. Nə oldu ki, təşrif gətirmədin? Mənim ürəyimə cürbəcür fikirlər gəlirdi. Dedim, görəsən nə oldu ki, kişi gəlmədi, xudanəkərdə yoxsa azarladı? Cabbar bəy. Dünən bir az nasazdım, gəlmədim... Neyləyim, əlacım yoxdur. Kafir oğlu, bilmirsən, Əhməd bəy, məni nə mərtəbədə yandırıb, nə mərtəbədə incidib!.. A kişi, hansı vilayətdə görünüb, hansı millətdə görünüb ki, oğul yıxıb ata-anasını döysün, evlərindən qovsun?!. Hər kim desə, Allah, mənə oğul ver, o bəlkə dəli-divanədir. Heç ağlı yoxdur. Genə qız yaxşıdır, Allah qıza min pay versin... Qız, qız, genə, başına dönüm, qız. Əhməd. Gör kişini nə mərtəbədə yandırıblar ki, ağzından od tökür... Bay, bay, bay!.. Heç fikir eləmə, kişi... Əhvalatı Cahangir bəyə demişəm, arxayın ol. Buyurdular ki, hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirdərəm. Ancaq indi bilirsən nə var, Cabbar bəy? Bu işdən ötrü lazımdır beş ərizə vermək. Bir az xərc olacaq. Ərizələr gərək bu kitablardan yazılsın və elə yazılsın ki, daşa vursan daş yarıla. Cabbar bəy. Cahangir bəy mənim tamam var-yoxumu əlimdən alsın, başına dönüm, məni o namərd oğlundan xilas etsin!.. Həya eləyirəm... Dilim gəlmir olan işin hamısını nağıl eləyim. Analığının dörd dişin birdən salıb... Vurublar ər-arvad hərəsi bir tərəfdən, baş şişib, dodaq şişib, tamam bədənində sağ istirahət qoymayıblar... Əndamına təpmə qoymaqdan qollarım az qalıbdır qurusun... Zalım oğlu istəyirmiş barmağın salıb biçarə arvadın gözlərini töksün, harayçı qoymayıb... İndi, Əhməd bəy, göydə Allah, yerdə sizi deyib gəlmişəm, gərək mənim dərdimə əlac tapasınız. Əhməd (kənara). Bəy adlanmağım bəzi ovqat bəd deyil, lazım olar, amma kişi çox füzuldur çifayda. (Cabbar bəyə.) Belə iş olar a kişi? Tfu! Şükür sənə, xudaya!.. Qəribə işlər varmış. Heç fikir eləmə, kişi, Allah qoysa ona bir tövbələtmə verdirəcəyəm ki, inqirazi-aləmə kimi dadı damağından getməsin! Hələ bir dayan. Cabbar bəy. Nə qədər o məlun oğlu, onun ləçər arvadı evdən çıxmayıblar, mən geri qayıtmayacağam... Əhməd bəy, bilmirsən necə zalımdırlar, birəhmdirlər... Əhməd. Heç fikir eləmə... Bax, bircə belə də fikir eləmə. (Barmağının ucunu göstərir.) Əgər o, Cahangir bəyin qələminin altına düşə, mən bilirəm nə olar!.. Bir az səbr elə... Ancaq sonra peşman olmayasan ha... Eşidirsənmi, kişi? Cabbar bəy. Mən?.. Mən yəni peşman oldum?.. Heç vaxt. Onu kənd içində rüsvay eləyəcəyəm. Əhməd. Nə deyim, vallah, bu da oğul. Bu işlərin adın nə qoyub eləyir, axır onu bir mənə qandır görüm. Cabbar bəy. Səndən eyib olmasın, Əhməd bəy, başına dönüm, mənim ikinci arvadımdan bir balaca qızım var... Qız deyil, bir gül parçası. Mənim oğlum, onun ləçər arvadı deyirlər ki, sən gərək o qızı və anasını evdən qovasan, mülk bizə qalsın... Mən də onların acığına o qızı çiynimdən düşürtmürəm və özlərinə deyirəm ki, iyirmi parça yerimi ki, Qızılkəndin yanında var, atımı, malımı və nə qədər müxəlləfat var, satıb nəqd eləyib verəcəyəm o qıza. Ölün, canınız çıxsın!.. Həqiqət elə belə də eləyəcəyəm, Allah qoysa... Qız yaxşı qızdır. Əhməd bəy, görsən xoşuna gələr... Bir şeytandır ki, əvəzi yoxdur... Elə “qağa” dedikcən ağzına qənd verirəm... Əhməd (kənara). Allah o qızı saxlasın... Yerləri Aslan bəyə, özümə də bir balaca tula payı – yaman olmaz idi. (Cabbar bəyə.) Zəmanə, deyirəm, Cabbar bəy gör necə xarab olubdur. Dünya malından ötrü oğul durub ata-ana üzünə, bacı qardaşın üzünə, məhəbbət əldən gedibdir, mehribanlıq qalmayıb; it sümük üstə boğuşan kimi gündüz axşamadək boğuşurlar... Pərvərdigara, sən özün rəhm elə, yazığıq!.. Bah, bah, bah!.. Dünyanın axırıdır, vallah!.. Cabbar bəy. Nə qoyub nə axtarırsan, başına dönüm? Mən qorxuram özümü öldürməsinlər, gorbagor eləməsinlər. Neçə müddətdir ha... Mən onların əlindən təam alıb yemirəm, qorxuram zəhər qatarlar. Əhməd. Allah kərimdir, kişi, qorxma, heç qorxma... Mən elə bu gün təkid elərəm ərizələr tamam olar, inşallah iş də düzələr, arxayın ol... Ancaq sən bir əlli manat hazır elə, görək nə təhər olur... Cabbar bəy. Paaa, bu olmadı ki... Əhməd bəy, sənin canın üçün yanımda bir üçlügüm var, bilmirəm necə olacaq. Əhməd. Sənə doğrusun deyim, Cabbar bəy, bizim bu Cahangir bəy üç manatlıq ərizə yazan deyil... Amma çünki artıq millətpərəstdir, ona görə ümid var onu bir növ razı edəm... Amma sən də bir dürüst cibini axtar, gör bir üç manat da tapa bilərsənmi, mabaqisi sonra da çata bilər... Cabbar bəy. Bayaq dedim, mən var-yoxumdan keçmişəm ancaq dərdimə dərman tapılsın. Vallah, Əhməd bəy, bu saat yanımda üç manatdan artıq tapılmaz, hərgah olsaydı müzayiqə etməzdim... Cahangir bəy məni başına çevirsin, dərdimə əlac eləsin... Əhməd. Sən o barədə arxayın ol... Bu kitabları görürsən? Dərdlər dərmanı tapılmaz məgərinki bu kitabların içində... Anan ölsün kitab yazan!.. Bunda nə ağıl varmış! Başına dönüm, belə zad olmaz ki! Pəh! Pəh! Pəh! Məşədi Tağı (daxil olur). Salam əleyküm. Əhməd və Cabbar bəy. Əleykəssalam Əhməd. Buyurun əyləşin... Yuxarı buyurun... Belə buraya buyurun, bax buraya. Məşədi Tağı. Elə bura da yaxşıdır, zəhmət çəkməyin... Yer yerdir, təfavütü yoxdur. (Əyləşib.) Görəsən Cahangir bəy evdə varmı? Əhməd. Bəli, evdədir, bu saat çıxar. Məşədi Tağı. Çox yaxşı oldu... Mən xarabakəndliyəm, adım Məşədi Tağı Mikayıl oğlu... Bizim bir elə işimiz düşübdür ki, Cahangir bəydən sivay ona əlac eləyən olmaz; elə onu deyib gəlmişəm... Ola bilməz ki, bir adamdan ötrü tamam obanı kor qoyasan... Canım, qudurmuş it kimi ötəni-keçəni qapır... Neyləyəsən? Canımızı boğazımıza yığıb, dəxi tab eləyə bilmirik, vəssalam, axır söz... Əhməd. Hmm... Bir balaca başa düşdüm. Ərizə yazmaq gərək, özü də xəlvət, adsız... Onun dədəsinə Cahangir bəy bir od vursun ki, tüstüsü asimana bülənd olsun... Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin... Belə deyil, məşədi? Məşədi Tağı. Elədir, başına dönüm... İnanın, qardaşlarım, vallah, billah, mən indiyə kimi tamam ömrümdə fasıqlıq eləməmişəm, bir kəsin bədbəxtliyinə səbəb olmamışam. Bu iş özgə işdir... Qeyrət, namus əldən gedib, arvad çəkib aparır, məlun oğlu, zarafat deyil. Adamın az qalır bağrı çatlasın! Əhməd. Paho! Yəni elə işlər də var? İndi hünərin var gəl Cahangir bəyin yanında “qeyrət, namus getdi” adı sək... Vallahi, deyirəm, kişinin az qalar bağrı çatlasın... Mən bir belə millətpərəst adam görməmişəm... Allah onun ömrün uzun eləsin, müsəlmanlara çox görməsin. Cabbar bəy. Amin, amin, amin, yarəbbülaləmin. Məşədi Tağı. Onun millətpərəstliyi aləmə məşhurdur... Bəs mən nədən ötrü gəlmişəm, buraya, özgə yerə getməmişəm? Cahangir bəy (daxil olur, qonaqlar ayağa dururlar). Əyləşin, salam əleyküm, xoş gəlmisiz. Əhməd. Sizə ərz elədiyim Cabbar bəy bu kişidir. Allah xatırın mənzur edib, gərək siz bu bəyə lazımınca kömək edəsiniz, işlərinə kargüzarlıq buyurasız. Cabbar bəy. Başına dönüm, dəxi bilmirəm, mənə rəhm eləyin, yazıq olmuşam. Əhməd. Cabbar bəy bir iyirmi beş manat da pul gətirib təvəqqe eləyir ki, ona rəhm edib dərdinə əlac eləyəsiniz; çünki özü bəy, mülk sahibi, iyirmi parça yeri var Qızılkəndin yanında, işi də mənə məlumdur; sizə sonra ərz elərəm. Cabbar bəy. O iyirmi parça yerin hamısını satacağam, qalmasın o murdar oğluna, özün də sizin əlinizlən yox eləyəcəyəm, Allah qoysa. Cahangir bəy. Siz bəlkə məni yaxşı tanımırsınız, ancaq onu bilmək gərək ki, mən bu qapıdan heç kəsi məyus geri qaytarmamışam. Pul oldu, olmadı, öz köməyimi müzayiqə etməmişəm. O ki qaldı yer barəsində, hərçənd mən özüm yer alıb-satan deyiləm, amma Allahın dövlətindən böyük şəxslər arasında yaxşı dostlarım var, onu da sərəncam elərəm. Cabbar bəy. Sizi Allah bizə çox görməsin, ömrünüz uzun olsun. Demək, mən gedim, arxayın gözləyim? Adım Cabbar bəy Məcidbəy oğlu, adı batmış oğlumun adı Mirzə Hacı. Cahangir bəy. Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. Ancaq siz gərək bir beş gün gözləyəsiniz burada, ta hökm çıxanadək... Amma lazımdır heç kimə bu iş barəsində bir kəlmə söz deməyəsiz. Əhməd (kənara). Yerlər araya gəlməyincən dəliyəm ki, onu əldən buraxam? Bu tələdən kim qurtarıbdır ki, Cabbar bəy də qurtarsın. Cabbar bəy. Dəli olmamışam ki, danışam? Məni bir elə də avam hesab eləməyin. Ancaq, sənə qurban olum, bir az diqqət ilə yazınız. Cahangir bəy. Arxayın ol, kişi, belə işlər mənim əlimdə su içməkdən asandır... (Əhmədə.) Əhməd, bu cənabın bizə görə nə qulluğu var? Cabbar bəy. Mən mürəxxəs olum... Cahangir bəy. Xoş gəldin... Get, arxayın gözlə. (Cabbar bəy gedir.) Əhməd. Məşədi Tağı, xarabakəndli, birisindən xəlvət ərizə vermək istəyir. Çünki o şəxs kənd-oba arasında sayılan adamdır və ondan tamam camaat çəkinir, o da camaata od vurub atalarını yandırır. İndi bu istəyir ki, siz camaatı o itin ağzından xilas eləyəsiniz. Məşədi Tağı. Camaat elə özü məni vəkil edib sizin qulluğunuza göndərib. Sizin millətpərəst olmağınızı eşidib, ümidlərini sizə ancaq bağlayıblar ki, siz onları o əjdahanın ağzından qurtarasınız; çünki dəxi tab etmək mümkün deyil, qeyrət-namus bilmərrə əldən gedib. Əhməd. Siz camaat içində özünüz çox müddət qulluq eləmisiniz və cənabınıza gərək məlum olsun ki, yaxşı ev yandırmaq var, taxıl odlamaq var, adam öldürmək, nahaqdan işə salmaq var... Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya qüzeydən... Bu vilayətdən elə itirəsən ki, qulaqları cırıldaya-cırıldaya gedə, camaatın da canı qurtara. Məşədi Tağı. Afərin bu sözlərə, bərəkallah, Əhməd bəy!.. Gör necə başa düşüb... O evi yıxılmış bizim başımıza nələr gətirib, hamısını bu kağıza yazdırmışam, oxursuz görərsiz. Onu bilin ki, bu yazılan yüzdən biri deyil. (Kağızı verir.) Zalım oğlu canımızı bax buraya yığıb! (Boğazın göstərir.) İndi göydə Allahı, yerdə sizi deyib gəlmişəm!.. Bizim dərdimizə əlac!.. Cahangir bəy. İndi ki, o məlun qeyrətə, namusa əl atır, sən görərsən ki mən onun başına o işləri gətirrəm, hansılar ki, Əmiraslan bəyin başına gətirdim... Əhməd, yadındadırmı Qədir yüzbaşını hara göndərdilər, Qəhrəman koxanı ki, tamam vilayətə qovğa salmışdı, – nə günə düşdü?.. Tamam bu barmaqların gücilə mən eləmişəm... Əhməd. Hay getdi, Cahangir bəy, sən də bir bəlayi-bədsən ha!.. Allah heç bəndəni sənin qələminin altına salmasın... Pah, pah, pah! Mən bilirəm səndə nə var!.. Məşədi Tağı. Bu işləri mən bilməsəydim, burada nə işim var idi? Bilirdim ki, gəldim də. Ələlxüsus ki, Cahangir bəyin millətpərəstliyi. Əhməd. Bu söhbət aydın söhbətdir. Cahangir bəyi kim tanımır?! İndi, məşədi, bilirsən, qardaşım, nə var? Sən camaat tərəfindən vəkil olub gəlmisən o kişinin dədəsinə od vurasan. Belədir, əzizim? Kəndinizdə var dörd yüz ev, hər evdən iki manat, bu elər yeddi-səkkiz yüz... Mən özüm də camaat tərəfindən vəkil getmişəm, o işlərdən xəbərdaram... Belə sən gör necə qoçaqsan ki, tək gəlmisən, yoldaşsız... Əlbəttə, iş görmək gərək. Lazımdır ki, ərizə diqqətlə yazılsın. Məşədi Tağı. Biz istədiyimiz də elə odur, başına dönüm. Dəxi təngə gəlmişik. Əhməd. Artıq uzun danışmaq lazım deyil. Əlini sal cibinə görüm neçə gətirmisən... üç yüz, dörd yüz? Məşədi Tağı. Üç yüz, dörd yüz nədir, başına dönüm? Zalım oğlu bizlərdə məgər istitaət qoyubdur ki, pul tapıla?! Bircə dənə qızılım var, artıq öldürsəniz də tapılmaz. Camaatda taqət qalmayıb. Əhməd. Nə söyləyirsən? Çaşmısan nədir? İstəyirsən bir kişinin topdağıtmaz evini tar-mar eləyəsən, özün də necə təklif eləyirsən! Pəh, pəh, pəh!.. Kamallı vəkil tutub camaat. Afərin maşallah!.. Cahangir bəy (ayağa durub). Əhməd, mən bir azdan sonra gedəcəyəm. Hərgah gələn olsa, deyərsən ki, axşam saat beşdə buyursunlar. Məşədi Tağı. A başına dönüm, mən səni deyib gəlmişəm, sən də hara gedirsən? Məlun oğlu bizi quru yurdda qoyub, pul tapılır məgər! Cahangir bəy. Əhməd, evdə ol, qubernatorun dəftərxanasından kağız gətirəcəklər, alıb qoyarsan mənim otağıma. Çox vacib kağızdır, itib eləməsin. (Gedir.) Əhməd (kənara). Xeyr a... Məşədi qırılmış tələyə girməyəcək... (Məşədi Tağıya) Sən nə təhər adamsan, a kişi? İndi bundan sonra Cahangir bəy sənə yaxın gələrmi? Adamsan, adam oğlusan, beş manat nə puldur ki, sən o yandan bəri şəklədirsən? Cahangir bəy elə Allahın verən günü beş manat faytona verir... Üstə qoy görüm nə qoyursan. Hm, tərpən görüm, tez! Hmm. Məşədi Tağı. Sənin xatirin üçün qoy bir manat da artıq olsun... A kişi vallah, billah, camaatda can qalmayıb. Nə söyləyirsən, bu bir manatı da mən öz cibimdən verirəm. Əhməd (kənara). Yalançıya Allah qəzəb eləsin! (Məşədi Tağıya.) Xeyr a, düzələn iş deyil, gedə bilərsən. Buyur, buyur, nahaq yerə boşboğazlıq oldu... Buyur. Məşədi Tağı. Yəni yeddi manat da azdır? A kişi, Allaha baxın, belə iş olmaz... Sənə deyirəm istitaətimiz kəsilibdir, pul tapılmır, pul, qanırsanmı? Əhməd. Artıq baş ağrısı vermə, buyur, buyur... Get Avanes bəyin yanına, Sərkis bəyin yanına. Əvvəl-axır sizin pulunuz onlara nəsib olar... Buyur, buyur. Məşədi Tağı. Allah genə onlara versin, beş də verirsən alırlar, üç də verirsən alırlar; papağı götürüb mənə bir baş da vururlar... Siz adınızı qoymusuz millətpərəst, amma belə hərəkətlərdən aşkar görünür ki, millətpərəstliyiniz də pul tələsidir, vəssalam. Sən məni kəndli, qanmaz hesab eləyirsən. Əzizim, mən şeytana papaq tikirəm. Yaxşı divanxanalar görmüşəm, böyük şəxslərlən rəft-güftüm olub... Adınız millətpərəst, özünüz dəllək... Xudahafiz! (Gedir.) Əhməd (tək). Zalım oğlu nə fəndbazmış, a gədə!.. Bərəkallah kişi!.. Mən də başlamışam gör kimə badalaq qurmağa... Camaatın pulun doldurub cibinə, şeytan oğlu şeytan, on manat da heç olmasa vermir... Neyləmək gərək? Genə lənət heçə. (Çağırır.) Məşədi, məşədi, bəri qayıt görüm! Məşədi Tağı (daxil olub). A kişi, sən öləsən, Əhməd bəy, artıq olsa, müzayiqə eləmərəm, inan Allaha. Əhməd. O pulları bəri ver görüm... Kağızı da bəri elə (Pulu kağızı alır.) Cahangir bəy (daxil olub). Əhməd, ala bu planları apar ver Aslan bəyə, evdə olmadı, ver Quluya... Əhməd. Baş üstə, Cahangir bəy. Al bu pulları hər nədir və bu kağızı... Əlbəttə, Məşədi Tağı da bizə bir gün lazım olar. Görünür ki, qoçaq kişidir. Cahangir bəy. Yaxşıdır, qoy dursun... Yazaram. Məşədi Tağı. Bəy, siz məni yaxşı tanımırsız... Mənim adım hər yerdə söylənir. Allah qoysa sizə çox-çox karsazlıq edəcəyəm. Ancaq bir bu dəfə lazımınca səy eləyin. Əhməd. Tapşırmaq lazım deyil, məşədi, sən o kişinin evini elə tar-mar eləyəcəksən ki, inqirazi-aləmə kimi söylənəcək. Nə danışırsan?! Məşədi Tağı. Allaha pənah. Ancaq təvəqqe eləyirəm ki, sabah bu vədəyə kimi ərizə hazır olsun. Xudahafiz. Cahangir bəy. Baş üstə, xoş gəldin. (Məşədi Tağı gedir.) Əhməd. Ta səy bundan artıq olmaz ki, neyləyim?! Zalım oğlu zalım, tora girmədi ki, girmədi! Görünür ki, çox tülək imiş... Al, hər nədir. Lənət heçə!.. İkisi mənim, beşi sənin (Cahangir bəy pulu alır.) Paşa (çöldən). Allah evinizi başınıza uçursun, hər iki dünyada üzünüzü qara eləsin!.. Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar!.. Cahangir bəy. Əhməd, Qotur Paşadır gələn. Sən öləsən qaçmaq gərək. (Qaçırlar.) Paşa (daxil olub). Getdim kabab iyinə, gördüm eşşək dağlanır... Tfu sənin içinə, a bəxt! (Çağırır.) Ağa mirzə Cahangir bəy! Qaçıb gizlənmək ilə adamdan əl çəkməzlər. Qadon alım, bəri çıx, bəri çıx, yoxsa vallahi dünyayi-aləmi yığaram buraya... Camaat, görün heç yolkəsən, quldur belə iş elərmi?! İki yüz min manata dəyən neft yerini aldadıb bir doxsan yaşında qocadan alasan iki min manata, pulun da tamam-kamal verməyəsən?! And olsun Allaha, necə ki, ərz eləyirəm, belədir, bir kəlmə xilaf söz yoxdur. Aslan bəyin gözünə güllə vursam, genə ürəyim soyumaz. (Çağırır.) Ağa mirzə Cahangir bəy! Fəda olum sənə, ağa mirzə Cahangir bəy! Əstəğfürullah rəbbi və töbə. Lənət sənə kor şeytan ha, ha... Ağa mirzə Cahangir bəy, ay bizim ağa mirzə, başımızın sahibi!.. Cahangir bəy! Əhməd (daxil olur). Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil... İstəyirsənmi peysərinə bir beş-on yol da şaplayım, elə düz gedəsən?.. Paşa. Cahangir bəyi buraya çağır, artıq hürmə! Əhməd. Adın Qotur Paşa ola, belə hökumət işlədəsən? Qoçaqsan vallahi, dəxi nə deyim?! Paşa. Adın Pişik Əhməd, ağan Cahangir bəy abbasiyə ərizə yazan, bəs bu forsun nədəndir, əzizim? (Təbəssüm ilə.) “Nə üçün bağırırsan”. Nə üçün bağırmayım? Öz qohumunun evin yıxıb mənilən bir yerdə yerini Aslan bəyə satdınız, o da mənə səkkiz yüz manat vədə elədi ki, mən mane olmayam, axırı necə oldu? Nə üçün vermirsiniz? Nə üçün mənim evimi Cahangir bəy tar-mar eləyir? Əhməd. Axmaq-axmaq danışma, həpənd! Paşa. Axmaq olmasaydım, qoyardım ki, doxsan yaşında qoca kişini aldadasız? Əlbəttə, axmağam... Mən çox işlər bilirəm, ancaq hələ axırını gözləyirəm... Əhməd. Bilirsən, Paşa, nə var? Biz, qardaş, bir yerdə çörək kəsmişik, məsləhətə xəyanət yoxdur... Aslan bəy bir abrozovannı oğlandır, o işini möhkəm aparıb. Heç zad eləyə bilməzsən. Qoy biz bir şey edək, buradan dur gedək Şeytan Qulunun yanına, ona da bir şey vədə edək, o işimizi düzəltsin, vəssalam... Mən deyərəm ki, Paşa prokurorun yanına getmək istəyir... Heç fikrə getmə, Paşa, sən öləsən, bu canım ölsün ki, bundan qeyri bir əlac yoxdur. Bəri gəl gedək. Paşa. Elə bilirsən, getməyəcəyəm? Vallah, billah, hərgah Aslan bəy vəd elədiyi səkkiz yüz manatı verməsə, qocanı aparacağam düz prokurorun yanına. Özü bilsin. Babamı öldürmüşəm ki, goruna and içim?.. Verməsə, “qaradovoy” deyib beş saat bağıracağam, aləm tökülsün, üstümə... Əhməd. Heç zad lazım deyil. Bir əlli-altmış manat verərsən mənə, mən də işi düzəldərəm... Bəri gəl gedək. Buyur, ya Allah... Mənə Əhməd deyərlər. Gör nə büsat açacağam, özün də mətəl qalasan. Buyur, buyur... Buyur deyirəm sənə. (Gedirlər.) Pərdə * * * İkinci məclis Vaqe olur Aslan bəyin otağında, Avropa qaydasında bəzənmiş. Divara tərəf miz, ətrafında səndəlilər, miz üstündə cürbəcür əntiqə şeylər. Qapılarda, pəncərələrdə pərdələr, xəlilər. Aslan bəy tək səndəli üstə əyləşmiş, başı açıq, əlində papiros, fıştırıq çalır. Aslan bəy. Да а аа... Иначе невозможно... Дальновидность орла необходима, быстрота ястреба... Нельзя зевать, тогда, когда люди никому очнуться не дают – ловят на лету... Везде речь только о миллионах: еще бы!.. За переуступку дела Подлезский получил 75 т. рублей отступного. Шутка сказать, в два дня, не тратя ни одной копейка, палец о палец не ударяя, получить 75 т.! Ныряев Петя тоже самое. Досадное же всего то, что Микиртум Каспарич продал свое сравнительно небольшое дело за 3½ миллиона-мужичье и 3½ миллиона. Hay-hay... Hacı Sadığın dövləti məndə olaydı, onda görərdilər analar necə oğul doğublar... Qoyardım ki, mənsiz belə işlər olaydı?! Qoyardım ki, firənglər, ya ingilislər özbaşına burada iş götüreydilər?! Heç vaxt!.. Nə edəsən?! Ah, Allah kərim padşahdır. Нечего Бога гневат, и мои дела идут недурно. (Zəng vurur. Qulu daxil olur.) Bircə bax, Qulu, sən bir iş elə. Balaca kəndli Qurban kişini tanıyırsan ki? Qulu. Bəli, tanıyıram. Aslan bəy. O irəli bir yol da bizə gəlib, yadımdan çıxıb, bilmirəm nə işdən ötrü. Qulu. Onun atmaral ilən işi var idi. Aslan bəy. Afərin, özüdür... Qulu. İndi bu saat şəhərdədir... Onun bir az yeri var, dəllallar hər tərəfdən əhatə edib nəfəs almağa macal vermirlər, kişini təngə gətiriblər... Aslan bəy. Afərin, yaxşı duymusan... Bəs dəllallar nəfəs çəkməyə macal vermirlər, hm... xa, xa, xa! Qulu. Mən onu dünən gördüm və danışdırdım. Söz verdi ki, bu gün gəlsin. Bir az da pul verdim. Aslan bəy. Qulu, bilirsən nə var? Durmaq yeri deyil. Get, onu bu saat tap gətir, yer deşiyində də olsa, gərək tapasan, yoxsa əldən çıxar. Qulu. Baş üstə, gedərəm. Ancaq yəqin bilirəm ki, özgə yerə getməz, bu saat gərək buraya gəlsin. Aslan bəy. Getsən yaxşıdır, etibar etmək olmaz. Durma. (Qulu gedir.) Yayın istisi, beyin boşalmış, ağıl gözdə... Hər fənnin var işlət də! Ведь иногда весь успех зависит от одной минуты. Aslan bəy (zəng vurur. Qulu daxil olur). Qulu, o yerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər. Qulu. Hansı yeri buyurursuz?.. Aslan bəy. Sənə bağışladığım şəhər yerinin kağızını. Qulu. Xeyr, hələ almamışam. Aslan bəy. Kağız gərək indi hazır olmuş ola, gedib alarsan... Yer yaxşı yerdirmi? Qulu, bir beş min manata dəyərmi? Qulu. Heç onu beş min manata da vermərəm. Aslan bəy. Çox şadam... O qonşuluqdakı yer hələ dururmu? Qulu. Bəli, durur. Aslan bəy. Bir bil gör neçəyə almaq olar, pul verim, onu da alıb qatarsan o yerə. Qulu. Billəm. Zəng vurulur. Aslan bəy. Gör kimdir, Qulu. (Qulu gedir.) Кули в восторге от городского участка... Да необходимо задобрить и Лачина и Джангира. Иначе нельзя. Богатейшие участок у моего Курбанчика. Да а... Но если только удастся... Неть не уйдешь от меня мой старикашка Курбанчик, не уйдешь! Laçın bəy (çöldən). A Qulu, bəy evdədirmi? Qulu. Bəli, evdədir (qapını daldan açıb), buyurun. Laçın bəy (daxil olur). Xa, xa, xa!.. Xa, xa, xa!.. Aslan bəy. Genə nə var a kəndirbaz, nəyə gülürsən? Əyləş görək. (Qalxıb əl verir.) Laçın bəy. Gülməyib nə eləyim a balam? İndi bu saat Məhəmməd mənə rast gəldi. Başladı ki, a bəy, mənim yüz min manata dəyən şəhər yerimi tovlayıb əlimdən aldınız, verdiniz yüz iyimi manata, indi gedirəm, deyir, Aslan bəyin qapısına, məni iti məsciddən qovan kimi qovdular. Allah, deyir, belə zülmü qəbul elər?.. Allah sizin evinizi yıxsın!.. Sən öləsən ağzından od tökürdü. Qorxuram bizi bir gün küçədə basıb pakizə döyələr də. Ona bir min manat vermək lazımdır, Aslan. Aslan bəy. Adın Laçın bəy, özün yapalaqdan aciz!.. Kim cürət edib əl tərpədə bilər?! Əlavə, mən ölüm, insaflı danış, onlara dövlət nə lazım? Çirkli libaslarınamı yaraşar dövlət, ağıl-kamallarına yaraşar, yoxsa sir-sifətlərinə? Qoy dövlət keçsin bizim əlimizə, onu bir ağız ləzzətilə ağayana xərc edək. Görsünlər ki, dünyada dolanmaq nəyə deyərlər... Mən ölüm belədirmi? Yaxşı demirəm? Laçın bəy. Толковать нечего, разумеется так... Скажи пожалуйста, Аслан, как с Имамкули беком, поддается или нет? Aslan bəy. Yavaş-yavaş deyəsən tələyə yaxınlaşır. Görək. Laçın bəy. Bizə də bir şey olacaq, yoxsa yox?.. Lotunu inandırmışam. Hər nə deyirəm deyir belədir. Aslan bəy. Какой же ты чудак, Лачин, ей богу. Да разве можно такую глупость сказать! Я разве когда-нибудь жалел для них что-бы то ни было? Свинья же ты после этого!.. Laçın bəy. Ладно, не сердись и не ругайся! Я пошутил... Слышал, Аслан, новости? И Карапета на Баилов отправили с целой его шайкой, человек до 30, да еще Довлатбазова, все за кражу мазута. Оказывается весь Черный Город занимается кражей нефти. Aslan bəy. Слышал, но я тебе откровенно скажу, что я по крайней мере, никого из них, не виню: всякому жить хочется, это так естественно и против такого явления могут возмушаться только разные писаки в роде наших... Laçın bəy. Ну, брат, все же так хочешь, образованным то людям во всяком случае не подобало да еще вполне обеспеченным... Aslan bəy. Не фантазируй, пожалуйста, в наше время кто не ворует? Не воруют одни дураки... Laçın bəy. Говарят, что Ага Шариф послан в тюрьму сказать Наибову, что ему остаётся одно верное средство: петлю на шею. Вот мой совет о помощи. Aslan bəy. Глупейшая фантазия и больше ничего! Он обладает миллионами, легко ему советы давать, да и такие бессмысленные. Laçın bəy. Xudahafiz mən getdim. Aslan bəy. Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə... Laçın bəy. Axşam klubda səni gözləyirəm. Bir vacib iş də var, gəl. Aslan bəy. Çox pakizə, gəlləm... (Laçın bəy gedir.) Sən öləsən, ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var... Əlinə bir az yer salıbsan, çox atlanıb-düşürsən, gözün ayağın altını görmür. Bir az dayan!.. Ах, боже мой, чуть было не забыл. Сегодня 8-ое. Непременно нужно дать одну телеграмму в Тифлис князу, другую... да... в Коджоры. Его превосходительству и третью... куда?.. В Питер, Светлейшему. (Telləri yazıb, sonra oxuyur.) Чудесно, лучше и не надо. Русская аристократия черезвычайно милые и симпатичные люди, сколько в них деликатности, восхитительной простоты и благородства. Прочитав телеграмму, скажут: “татарин”, но в нем ничего татарского нет. Что значит воспитание и образование... Грешно с такими милыми господами прекратить связь и знакомство. (Zəng vurur. Qulu daxil olur.) Qulu, fayton götür, bu telləri yola sal. Qulu. Bəli, apararam... Ancaq Qurban kişi gəlibdir. Çörək-zad verdim yedi. Aslan bəy. Çox pakizə. Gətir içəri, qoy otaqlara tamaşa eləsin, görmədiyi büsatı görsün, mən də bir azdan sonra gəlləm. (Gedir.) Qulu (qeyri qapını açıb). Kişi, gəl içəri. Başmaqlarını çıxar, nə qayırırsan?.. Bəri gəl, bax, bura əyləş. Qurban (daxil olub və büsata baxır). A Qulu, başına dönüm, məni qoyaydın qapıda duraydım, bəy çıxanda dərdimi ona çöldə deyəydim, məni buraya neyçün gətirirdin? Adam az qalır dəli-divanə ola! Ömrümdə mən belə büsat görməmişdim, belə də şey olarmı? Qulu. Ayyyy... Nə qoyub, nə axtarırsan?! Hələ gözə görükən budur. Bir tamaşa elə, gör nələr var! Buraya bax, o küncə bax. Qurban. Pah, pah, pah!.. Belə də dəsgah olarmı? Başına dönüm, bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır? Qulu. Hələ burada nə var ki? Bir bəri dur, tamaşa elə, gör bu evdə nə zinət var, nə dövlət var. O şəkli görürsən? Heç bilirsən onu bəy neçəyə alıbdır? Bilirəm, inanmayacaqsan... Ona veribdir altı min manat. Qurban. Pah, pah, pah!.. Görəsən, a Qulu, belə evdə olanın da dərdi varmı? Sən Allah, a Qulu, bircə de görüm, Aslan bəyin sənəti nədir? Bu qədər dövlət olar ki, bunun var? Qulu. Aslan bəyin dövlətinin nə sanı var, nə hesabı. Sənə mən elə bir put lülə qızıl göstərə billəm, bir çanaq ləl-cəvahir. Hansını deyim ki, sən başa düşə biləsən? Qurban. Dövlət olmasa, canım, bu büsat haradan ola bilər? Əlbəttə var ki, kişi dəsgah açıbdır da. Aslan bəy (daxil olub). Otur, kişi, otur. Hm... Evlər xoşuna gəlirmi? Sizin kənddə də belə işlər varmı? Qurban. Belə işləri biz dərviş nağılında eşitmişik... Allah dəxi də artıq eləsin, a bəy. Aslan bəy. Neçə yaşın var, qoca? Qurban. Çoxdur, başına dönüm. Olar bir doxsan yaşım... Mən balaca uşaqdım, yeriyib-yüyürən, nəstə, adı nədir, gələndə... Aslan bəy. Sən bilmirsən, kişi. Sənin nə qədər artıq olsa, əlli-altmışdan yuxarı deyil. Gələsən, kişi, səni mən göndərim Xorasana, ya Kərbəlaya... Get ağalarını ziyarət elə. Ömrə ümid yoxdur. Qurban. Allah qoysa gedəcəyəm. Elə işlərimi qurtardım, dəxi burada qalmayacağam, gərək siz kömək edəsiz... Bu kağızlara baxsanız, bilərsiz mənim dərdim nədir. Aslan bəy kağızları alıb oxuyur. Qulu. Məsləhətə xəyanət yoxdur. Qoca, bu saat sənə heç bir şey lazım deyil, məgərinki axirət... Özündən sonra varislərə bir şey qoysan, goruna gündə min kərə söyməkdən savay sənin bir xeyrin olmayacaq. Yaxşısı o deyilmi ki, yerlərini satıb, nəqd pul eləyib gedəsən ziyarətə, ovdan tikdirəsən, məscid bina edəsən, fəqir-füqəraya əl yetirəsən?! Qurban. Elə Laçın bəy də mənə belə məsləhət gördü. Qulu. Bu dünya puç dünyadır, ağlı olan gərək axirətin axtarsın. Ələlxüsus ki, ömür az qalanda. Aslan bəy. Qoca, mən sənə bir aşkar söz deyim. Sənin bu yer işin elə işdir ki, sən özün iyirmi ilə təmizləyə bilməzsən. Çox qocalmısan, vaxt gözləməz. Yaxşısı odur ki, sən o yerləri satasan, başdan ola. Hərçənd mənim özümə yer lazım deyil, çünki yerim çoxdur, amma sənə mən adam göstərim, o sənin yerini alar və yaxşı da qiymət verər. Qulu. Ağa, Allah xatirinə, bir yol bu kişi sizi deyib gəlibdir, hər nə eləyirsiniz, özünüz eləyin, bunu bir də özgə qapısına göndərməyin. Aslan bəy. Axır mən alım neyləyim? Sən bilirsən ki, yer barəsində mən özüm də təngə gəlmişəm. Qurban. Beyt haqqı, a bəy, o yerdə qır nə qədər desən tapılır. Bir az qazırsan, torpaqdan neft iyi gəlir. Ovcuna alıb sıxırsan, neft damcılayır. Qulu. Ağa, siz bu işdən heç boyun qaçırmayın. Rüsxət verin, mən bu kişini aparım Cahangir bəyin yanına, bu onu vəkil eləsin. Bu yeri, zərər də olsa qəbul eləyin. Kişi də yazıqdır, özgə adamın əlinə düşər, alladarlar. Qurban. Mən bir yol bu işi vermişəm bəyə. Bundan sonra mənim vəkilim odur. Hər nə tövr istəyir eləsin. Mən bəyin atasın da tanıyıram. Allah oğlanların saxlasın, yaxşı kişidir. Aslan bəy. Vəkalətnamədən irəli, a Qulu, qocanı apar hamama. Buna bir dəst libas da al, üstün-başın düzəlt; yoxsa bunu bu tövr libasda adam içinə çıxarmaq olmaz. Sonra mən işə əncam çəkərəm. Qulu. Qoca, dur gedək. Allah özü birliyi xatırına Aslan bəyin ömrün uzun eləsin, dəxi işin qurtardı; bəxtin çəkdi... Aslan bəy ki, söz verdi, işin bitdi. Dur gedək. Qurban. Qurban olum sənə, a bəy, elə olsun ki, bu işdə sonra peşmançılıq çıxmasın. Aslan bəy. Xa, xa, xa!.. Qocanın fikrinə gör nə gəlir! Kişi, dünyada mənim nə ehtiyacım var ki, bir sənin kimi qocaya mənim köməyim lazım ola, mən də ona xəyanət edim? Qulu. Qoca, dəxi bəsdir, artıq otursan, qorxuram sarsaqlayasan. Dur ayağa. Dur, dur gedək. Qurban. Müraxxəs olum... Bağışlayın, başağrısı verdim. Aslan bəy. Qoca, al bu yüz manatı qoy cibinə, ürəyin buz kimi olsun. A Qulu, yəqin qocanın düşməyə yeri yoxdur, saxla yanında. Cahangir bəyi də göndər buraya... Qoca, məndən razı oldun ki? Qurban. Nə tövr, nə tövr məgər!.. Allah səndən razı olsun! Allah oğlunu saxlasın! Aslan bəy. Razılığı iş tamam olandan sonra edərsən, indi gedin. Qulu və Qurban gedirlər. Aslan bəy (tək). Qoca iş tamam oluncan qulluğunuzda pakizə dustaqdır. Несомненно нефтеносные земли. Все признаки ясно указывают. Пятьсот десятин! Каждая по тысяче, по две тысячи рублей. Да... а... Теперь можно купить имение Николая Алексеевича. О... о... о... я знаю что тогда сделаю. Замок в мавританском вкусе, кругом высокие башни среди леса, парк, зверинец, экипажи всех видов, гости, ландо, гуляние, хохот... Zəng vurulur. Qulu daxil olur. Qulu. İmamqulu bəy gəlibdir. Aslan bəy. Buyursun. Qulu, bəri bax, Cahangir bəy vəkalətnaməni alan kimi, bir buraya təşrif gətirsin və işi tamam oluncan qocanı əldən buraxmazsan. Başa düşdünmü? Qoymazsan bir kəs ona yaxın gələ. Öyrədərlər... Qulu. Xeyr a!.. Arxayın olun. Qoca elə kəməndə keçməyibdir ki, qurtara bilsin. (Qulu gedir.) İmamqulu bəy (daxil olub). Salam əleyküm. Aslan bəy. Əleykümsalam, buyurun əyləşin. İmamqulu bəy. Planları gətirmişəm, buyurun baxın. Aslan bəy. (planlara baxıb) – Amma çox yermiş, İmamqulu bəy, Allah dəxi də artıq eləsin, nəcib övladsınız. Heç bu yerdən satmısınızmı? İmamqulu bəy. Hələ bir desyatin də satmamışam, amma indi istəyirəm yavaş-yavaş satam, hərgah müştəri olsa. Aslan bəy. Bilirsiz, əzizim, nə var? Belə işlərdə oyun lazımdır: “iqra”, yəni fən... Gərək elə fən qurasan ki, yerin qiyməti artsın. Sizə də elə o lazımdır. İmamqulu bəy. O işləri siz bilirsiz. Nə tövr buyurarsız, mən də elə rəftar elərəm. Aslan bəy. Bir üç ay bundan irəli Xudaverdi bəydən mən aldım on desyatin yer, üç yüz manatdan desyatini, amma kupçidə yazıldı səkkiz yüz. Bu sevdadan sonra Xudaverdi bəy əməlli-başlı alış-veriş elyir. Səkkiz yüzdən, doqquz yüzdən indiyə kimi əlli-altmış desyatin də yer satıb. Mən çox şadam. Elə filankəs bu yerdən alıb deyin, müştərilər aman vermirlər. Amma öz aramızdır, mən ölüm, əgər bu sözü ağzından qaçırdasan. Yer ümidsiz yerdir. Belə fənnə biz “oyun” deyirik, “birjevaya iqra”. İmamqulu bəy. Hərgah xahiş eləsəz, mən də sizə elə o qayda ilə sataram bir iyirmi desyatin. Aslan bəy. Nə qədər çox olsa, oyundan ötrü bir elə artıq əsər elər. İndi ki siz iyirmi desyatin deyirsiz, eybi yoxdur, qoy iyirmi olsun. İmamqulu bəy. Axşam buyurarsız nataryusxanaya. Aslan bəy. Çox pakizə. İmamqulu bəy. Hələ ki xudahafiz. Aslan bəy. Xoş gəldiniz. Saat yeddidə... Allah qoysa sizi Parisə aparacağam, vıstavkaya, İmamqulu bəy. Çox qəribə işlər olacaq orada, günahdır getməmək. İmamqulu bəy (təbəssüm ilə). Bəli, Allah qoysa gedərik, inşallah. (Gedir) Aslan bəy (tək). Как это чудно, как это мило. Вчера представитель общества “Темное царство” милейший Моисей Израилович просто меня умолял купить для них 20 десятин этой самой земли. Готовы заплатить за десятину 2000 рублей. 300 долой – 1700 х 20 = 34000 руб. А сегодня меня просит купить сам владелец. 34000. Шутка сказать! Это не то что мазут воровать, да на Баилов отправляться. Спасоб приобретения – самый законнейший. Сейчас же к Моисею... Тысяч 10 задатка и дело в шляпе. Fışdılıq çala-çala gedir. Pərdə * * * Üçüncü məclis Vaqe olur Aslan bəyin otağında, Cahangir bəy, Cabbar bəy və Əhməd əyləşiblər. Cahangir bəy. Vallahi deyirəm bu saat mənim bir əlliyəcən yaşım var, amma mən bir belə vücud görməmişəm və görməyəcəyəm. Canım, kişi əslindən ağadır və heç kimə müyəssər oğul deyil. Görməmişəm bu qapıya bir adam gələ, məyus qayıda... Allah öz pənahında saxlasın. Adı Aslan, özü aslan. Əhməd. Bir yol, Cahangir bəy, bacım oğlunu tutmuşdular, gəldim bəyin yanına. Məni görən kimi başladı: genə nə var, a pişik? Ərz elədim mətləbim nədir. O dəqiqə bir balaca kağız götürüb üstündə bilmirəm nə yazdı, nə yazmadı, buyurdu ki, apar ver. Kağızı apardım. Verən kimi uşağı əldən qoydular, götürdüm gəldim... Aslan bəy kimi millətpərəst harda var? Pəhləvandır, pəhləvan! (Kənara.) Həzərat, olsun ki, yalan deyirəm... Bunların heç kimə xeyri olmayıb, ələlxüsus onun böyük qardaşından, lənətüllah! Cahangir bəy. Bir adama söz verməsin, verdi yeddi fələk də onu poza bilməz. Bilsə ki, on manat zərəri var, yenə öz sözündən qaçan deyil. Cabbar bəy. A Cahangir bəy, siz mənə dediniz ki, bəyi tamam şəhərdə böyük-kiçik, tanımayan yoxdur; amma mən yüz adamdan soruşdum ki, Aslan bəyin evi haradadır, tanıyan olmadı. Bu nə sirdir? Cahangir bəy. Xa, xa, xa! Nə söyləyirsən, kişi? Nəinki bu şəhərdə, sən get Tiflisə, Dərbəndə, İrəvana, paytaxt şəhərimizə ki, Peterburq ola, onu tanımayan yoxdur. Əhməd. Gədə-güdə, qoduq-moduq nə bilsin ki, Aslan bəy kimdir? Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, tamam divan əhlindən soruş, onda bilərsən ki, Aslan bəy kimdir. Aslan bəy İskəndər kimi sədd açıbdır, nə söyləyirsən, kişi! Cabbar bəy. Elə bu dəsgahlardan görünür ki, kişi böyük adamdır; doğru buyurursuz. (Qulu başın bulaya-bulaya daxil olur.) Cahangir bəy. Genə nə olub, a Qulu? Ovqatını təlx görürəm. Qulu. Ovqatım necə təlx olmasın? Sabahdan indiyə kimi qapı açmaqdan canım boğazıma yığılıb, gəlib-gedənin əlindən təngə gəlmişəm. Xalqda insaf yox, utanmaq yox, həya yox! Biri gəlir dustaq işim var, biri gəlir mənə yer ver, biri gəlir pul ver. Ac qohumların da sanı yox, hesabı yox... Mən də ayaq altında itmişəm. Cahangir bəy. Bu saat bəyin yanındakı kimdir? Qulu. Bir knyazdır, Tiflisdən gəlib. (Qapıya baxır.) Deyəsən gedir. (Qulu tələsik çıxır.) Əhməd (qapıya baxıb, kənara). Afərin, bu knyaza... Şeytan Qulu dəllal Sərkisi knyaz qayırdı, necə ki Cabbar bəy məni “bəy”. Qoçumsan, vallah, Qulu... Xudaya-pərvərdigara, bu evdə nələr qaldı mən görməmiş olam! Hələ yaxşı ki, bəyin böyük qardaşı Ağa Taun burada yoxdur, lənətüllah!.. Qulu (daxil olur). Bilmirəm bu knyazlar yazıqdan nə istəyirlər eyy... Vallah, təngə gəlmişik. Cahangir bəy. Bizim burada olduğumuzu Aslan bəy görəsən bilirmi? Qulu. Bu saat çıxar. Cabbar bəy. Kişilər, Aslan bəyi o mərtəbədə qoydunuz ki, “gəlir” deyəndə bədənimə lərzə düşür. Əhməd. Xeyr a! Elə adam deyil... Ləzzətli oğlandır... Rəhm, mürüvvəti dəryacandır. Nə söyləyirsən. Bir lortçudur ki, bərabəri yoxdur. İndi gələr, görərsən. Aslan bəy (daxil olub). Qulu, Allah xatirinə axşamadək heç kimi qəbul eləmə. O qədər yorulmuşam ki, danışmağa taqətim yoxdur... Salam əleyküm. Əyləşin. (Əyləşirlər.) Əhməd (ayaq üstə). Molla olma, başın ağrımasın. Bizim dərdimizi siz çəkməyəndə görək bəs kim çəkəcək? Aslan bəy. Canım, dərd bir olar, dərd iki olar, nəinki bu qədər. Vallahı, deyirəm, biz müsəlmanın çox işlərinə baxanda az qalır ki, mən uşaq kimi ağlayam. Əhməd (kənara). Bax, bu ağlamaq büsatını mən təzə eşidirəm, əvvəl yoxudu... İnanan, atana lənət, anana lənət! Aslan bəy. Deməkdən, qandırmaqdan dəxi yorulmuşam. Hər kim mənim məsləhətim ilə iş görüb, olub dövlət sahibi. Hər kim mən deyən yol ilə getməyib, axırda olub peşman. Canım, xalqa güclən ağıl öyrədə bilmərəm ki! Ta səy, qardaşlar üçün, bundan artıq olmaz ki!.. Mən neyləyim, vəhşidirlər. Əhməd (kənara). Gopa, başına gönüm, gopa!.. Məşədi Tağı, yerin boş... Cabbar bəy. Mənim də dərdimə əlac elə, başına dönüm, qoca kişiyəm, bir kəsim yoxdur, Allahdan aşağı səni deyib gəlmişəm. Aslan bəy. Cahangir bəy, bu qocanın dərdi nədir, buyursun görək. Hərçənd yorulmuşam, əlac yoxdur. Əhməd demişkən: “Molla olma, başın ağrımasın”. Cahangir bəy. Bunun Qızılkəndin yanında bir neçə parça yeri var, bir balaca davalı... O yerdən ötrü oğlu bunu darıxdırır. Çünki ikinci övrətindən bir tifil qız uşağı var, gərək o tifili fot eləyəsən, anasını da rəf, mülk qalsın mənə. Yoxsa, deyir, sizi qıracağam Aslan bəy. Vay yazıqlar, vay biçarələr!.. Əhməd. Zalım oğlu bir neçə gün bundan irəli istəyirmiş barmağını salıb o qızın anasının gözlərin töksün. O gün sizə ərz elədiyim əhvalatdır. Aslan bəy (acıqlı). Allah xatirinə, Əhməd, belə söhbətləri mənim yanımda danışma, ürəyim nazikdir, dözə bilmirəm. Ах ты мерзавец!.. Ах ты негодяй!.. Да его можно в тюрьму мерзавца! Какая дикая безжалость! Cahangir bəy. Fəqir kişi, neyləsin, həyasına qısılıbdı. Aslan bəy. Mən belə söhbətlərə qulaq asa bilmirəm, yoxsa yəqin bil ki, yuxu da mənə haram olar... Hərgah Cabbar bəy istəsə, mən onun biinsaf oğlunu bir gündə yox elərəm. Cabbar bəy. Göydə Allahı deyib, yerdə səni, gəlmişəm. Başına dönüm, Aslan bəy. Aslan bəy. Burda heç bir çətin iş yoxdur. Əhməd, Cabbar bəyi bu saat apar nataryusun yanına, bir vəkalətnamə Cahangir bəyin adına yazdır və deyərsən ki, xərci mənim hesabıma yazsınlar. Kişi, Allah ölümdən macal versə, mən sənin o yerlərini çox artıq qiymətə rədd eləyəcəyəm. Sən dürüst arxayın ol və oğlunun barəsində binagüzarlıq nə tövr sənin kefin istəsə... Ay yazıqlar! Ay biçarədir!.. Əhməd. Aslan bəy, dərdin alım, mənim də bir böyük dərdim var axı. Aslan bəy. Sən də buyur, baş üstə. Əhməd. Siz mənim adımı “pişik” qoymusuz, lazımdır ki, pişiyə də hərdən-birdən dalaq atmaq. Aslan bəy. Xa, xa, xa, xa... O da baş üstə. Buyur bu yüz manatı. Ancaq mənim də sənə təvəqqem var; bu gün Cabbar bəy sənə qonaqdır, işləri qurtarandan sonra onu apararsan pakizə müsəlman aşpazxanasına, hər nə xahiş eləsə, versinlər və nə qədər xərc olsa o da mənim boynuma, yaxşı? Cabbar bəy. Allah səndən razı olsun. Mürəxxəs olum. Aslan bəy. Xoş gəldin, gedin. (Əhməd və Cabbar bəy gedirlər.) Cahangir bəy. Kağızlar möhkəm kağızlardır. Təmiz kupçilə alıb-satmaq olar. Aslan bəy. Biz istədiyimiz də elə odur. Çox göyçək, çox pakizə. Laçın bəy (çöldən). Əhməd, mən ölüm bir bəri qayıt!.. Yaxşıdır, gedərsən. Hələ bir bəri qayıt! Mən ölüm deyirəm. (Əhməd və Laçın bəy daxil olurlar.) Laçın bəy. Aslan sənə bir qəribə əhvalat nağıl eləyim. Üç gün bundan irəli bizim Əhmədi o qədər əziblər ki, yerdə ölü qalıbdı... Nişanbazlığa getmişmiş bədbəxt, evdə duyublar... Nə yemisən turşulu... Vurublar ha!.. Vurublar ha!.. Aslan bəy. Yox aaa... A kişi, mən ölüm, qoy, belə zad olmaz ki! Laçın bəy. Yalan söz yoxdur... Əhməd bir başını buraya gətir... Necə yalvarırmış, necə yalvarırmış!.. Cəmən. Xa, xa, xa... Xa, xa, xa... Əhməd. Nə olsun, a bəylər, nə üçün gülürsüz? Dost yolunda çovğun olar, qar olar... Laçın bəy. Bunu ki, təpik altına salmışmışlar, bağırırmış: “A qancıq, niyə kömək eləmirsən?”. Nişanlısına deyirmiş ey!.. Cəmən. Xa, xa, xa... Əhməd. Burada qalsam, Laçın bəy özündən çox şeylər qayıracaq. (Gedir.) Cəmən. Xa, xa, xa... Xa, xa, xa... Aslan bəy. Hay yerində hay... Heç gör özü deyirmi. Zəng vurulur. Aslan bəy. A Qulu, gör kimdir? (Qulu gedir.) Cahangir bəy. Deyirəm mən gedim Cabbar bəyin dalınca. Qorxuram o yan-bu yan eləyə... Aslan bəy. Xeyr, lazım deyil, ürkər. Əhməd özü ustadır, əldən qoymaz. Qulu (daxil olur). Bu gün neçə gündür, o qotur Paşadır nədir, məni lap təngə gətirib. Genə gəlib ağzına gələn hədyanı danışır. Aslan bəy. Hədyan danışır, dəxi mənə niyə deyirsən? Vur boynuna çıxsın çölə. Qulu. Nə bilim, deyir ki, gedib divana məlum edəcəyəm, düz prokurorun yanına gedəcəyəm, doxsan yaşında kişini alladıb, deyir, yerin əlindən alıbsız, bir köpük də pul verməmisiniz. Aslan bəy (acıqlı). Mən sənə təəccüb edirəm, Qulu. Necə cürət edib bu sözü gəlib mənə deyirsən? Get bu saat başına döyə-döyə çıxart çölə. Qoy hara istəyir getsin! Cahangir bəy. Xeyr, lazım deyil... Paşa bihəyanın birisidir, onun ağzın yummaq gərək. Laçın bəy. Кули обешался, так нечего делать, отдай! Пусть убирается к черту! Aslan bəy. Onu buraya çağır görüm. (Qulu gedir.) Siz öləsiz, işə düşmüşəm. Bu qotur qırışmal nalbənd güclən deyir: gərək səni soyam... Axırı bunların belə hərəkətləri məni o məqama yetirəcəkdir-ki, mən bilmərrə rəhmimi insandan kəsəcəyəm... Hərgah söz vermiş olsaydım, yenə haqqı var idi. Qulu və Paşa daxil olurlar. Aslan bəy. Belə dur görüm. Sən məndən nə istəyirsən, qoçaq? Paşa. A bəy, acığınız tutmasın, alış-verişdir. Siz mənə səkkiz yüz manat vədə elədiniz, mən də o bədbəxt kişini öyrətdim, mane olmadım. Hər bir desyatini iki min manata dəyən yeri satdı sizə iyirmi manata. Mən sizə bir yamanlıq etməmişəm... Qulu. Artıq pul deyil. Başınıza dönüm sədəqə eləyin, verin getsin. Bu da kasıb oğlandır, neçə gün işdən-gücdən olubdur. Cahangir bəy. Xeyir lazımdır, Paşa da yazıqdır. Laçın bəy. İş görüb görməyib, eybi yoxdur, ver getsin. Paşa. Mən iş görməmişəm? Mən iş görməmişəm?.. Hay-hay! Kişinin evinə od vurmuşam, dədəsin yandırmışam, qəbirdən çıxarmışam! Nə buyurursunuz? Aslan bəy. Dəxi uzun eləmə, heyvan oğlu heyvan! Al bu sənin pulun, sürün gözümün qabağından! (Qulu pulu alır.) Paşa. Doğru buyurursunuz, heyvan olmasaydım, səkkiz yüz əvəzinə səkkiz min alardım. Çifayda iş işdən keçibdir. Laçın bəy. A Paşa, pulunu aldın, dəxi artıq danışmaq lazım deyil. Qulu. (Paşanın qolundan tutub) – Məscidin qapısı açıq olanda köpəkdə də bir həya gərək. Dəxi bəsdir, gəl çıx, gəl... Gəl pulunu da sayıb verim, rədd ol! Paşa. De, hər nə istəyirsən de. Çifayda iş-işdən keçibdir. Cahangir bəy. Paşa, kifayətdir. Get Allahına şükür elə. Artıq nə istəyirsən, qardaşım?! Qulu Paşanın qolundan tutub çıxardır. Aslan bəy. Вот негодяй! Вот мерзавец! Еше пугает... Подите после этого делайте людям добро. Laçın bəy. Cahangir bəy, buyur gedək. Bəyin ovqatı təlxdir. Biz hesabımızı sonra çəkərik. Cahangir bəy. Yaxşı, buyurun gedək. Aslan bəy. Да, пожалуйста. Лачин, после... Этот... мерзавец действительно меня расстроил. Успеем, на днях, как вам будет угодно, так и я сделаю, только не сегодня. Qulu (daxil olub). Quldurov... Aslan bəy. Kim? Qulu. Bir uzun boylu şəxs deyir bəyi görmək olarmı? Adı Quldurov. Aslan bəy. Baaa. Quldurov... Qulu, buyursun zala... Tez, paltonunu çıxart... Quldurov... Heç bilirsiniz bu kimdir? Bu çox zorba adamların biridir. Замечательнейший коммерсант с колоссальным богатством. Laçın bəy. Xudahafiz. Cahangir bəy. Xudahafiz. Aslan bəy. Xoş gəldiniz... Məni bağışlayın. (Gedirlər.) Pərdə * * * Dördüncü məclis Vaqe olur Qulunun otağında. Bir dənə miz və bir neçə səndəli. Qulu (tək, səndəli üstə əyləşmiş, bikef). Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı?! İndi bu nə gündür mən çəkirəm? Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... Genə dərd yarı olardı, hərgah gedəndə heç olmasa bir soruşaydı ki, Qulu, səndə pul varmı, ya yoxdurmu? Ancaq elə buyurmağı bilir: filan otağın kağızını dəyiş, filankəs gələcək, ona yüz manat ver, gələn qonaqları yaxşı yola sal. Elə buyurur, guya Vartansifət atası gedəndə mənə min manat pul verib gedib... Canım yığılıb boğazıma, az qalıb baş götürəm qaçam. Laçın bəy, Cahangir bəy daxil olurlar. Laçın bəy. A Qulu, balam, sənin bu ağan nə vaxt gələcək? Elə iş olardı ki, o bizim başımıza gətirdi?.. Bir ay bundan irəli o, gərək bizə nataryusda kağız verəydi, indi çıxıb gedib, müftə pul cibində, fors verməyinə... Heç yadına düşür ki, axır bu pulları mənə yetirən var... Belə haramzadəlik harada görünüb? Adınamı layiqdir belə işlər, elminəmi layiqdir?.. Axır adını abrazavannı qoyub, döşündə nişanı. Qulu. Hələ bir əyləşin. Sizin ikinizin də canı üçün, hərgah bilsəniz ki, mənim özümü nə günə qoyub gedib. Təəccüb elərsiz. Dörd min manat borca düşmüşəm. Deyə də bilmirəm ki, elə buyurursan, heç bilmirsənmi ki, pul lazımdır... Elə bunu elə, onu elə... Ancaq buyurmağı bilir. Mən də qalmışam naçar. Laçın bəy. Biz ona üç-dörd yüz min manatlıq iş gördük, bizə qızıl dağları vəd elədi, axırda belə. Amma özü ağalıqdan dəm vururdu. Mən ona deyəndə ki, bizim payımızı kupçi ilə ver, acıqlanırdı: “Genə deyirəm gədalıq lazım deyil, ağa ol, ağa!”. Özü yaxşı ağalıq elədi, maşallah... Elə bilir ki, qaçmaq ilə adamdan əl çəkərlər. Qulu. Heç hara qaçmaz, arxayın ol və o pulları salamat eyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. Cahangir bəy. Bizim bu abad olmuş şəhər elə yerdir ki, Aslan bəyi öldürəsən də buradan bir yana getməz. O qədər xam-xam, yumşaq qulaqlar var ki, nə qədər kefi istəsə, bir elə tapılacaq. Bizim kimi adamları ələ salan gör nə qiyamət edə bilər və eləyir. Laçın bəy. Tanıyıram, yaxşı tanıyıram: mən onun dabbağda gönün tanıyıram... Onlar cəmi məqami-ehtiyacda küçük kimi quyruqların bulayıb, ayaq öpərlərdi. Ehtiyac keçdi, ağalıqdan dəm vururlar. Cəminin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. Tamam ömürlərində bir gün-gecə halal zəhmət ilə qazanılmış tikə yeməyiblər. Sənətləri olub keçəpapaqlıq. Əhməd, Paşa, Qurban və Cabbar bəy daxil olurlar. Laçın bəy. Xa, xa, xa... Xa, xa, xa... Buyurun, buyurun... Ya Allah, əyləşin, bu saat Qulu Aslan bəy tərəfindən əsginazı qat-qat çıxardıb paylayacaq, Xa, xa, xa, xa, xa... Cahangir bəy. Nahaq zəhmət çəkmisiz. Aslan bəy hələ gəlməyib. Laçın bəy. Aslan bəy bu saat əyləşib bir böyük şəhərdə, “Qopartma” qışlağında, yavaş-yavaş xırıd eləyir. Ciblər dolu pul, fors... Qabağında da durmaq qeyri-mümkündür. Desyatini iki min manata göydə fırıldayır... Qopartma və qopartma!.. Qurban. Aaax, ax!.. Evi yıxılsın səbəbin!.. Paşa. Mənim Aslan bəy ilə işim yoxdur, mənim işim, bax bu Şeytan Qulu ilədir. Qulu. Obada it az idi, biri də gəmi ilə gəldi... Mən ilən nə işin ola bilər, əzizim? Paşa. Səkkiz yüz manatdan mənə verdin beş yüz, üç yüzü qaldı səndə. Yalvardın ki, bir on gündən sonra verərəm, on gün olub bir ay, sözün nədir? Ver, qardaş da! Qulu. Mən dünyada çox qəribə adamlar görmüşəm, amma bunun kimi murdarına rast gəlməmişdim. Paşa. Yalan deyirsən, gündə yüz yol gördüyün Aslan bəy, on il qulluq elədiyin ağan məndən çox-çox bihəyadır. Allahdan qorxmaz, insandan utanmaz. Qulu. Heyvan oğlu heyvan! Nə cürət eləyirsən. (İstəyir vursun, Laçın bəy qoymur.) Laçın bəy. Dava lazım deyil, əyri oturun, düz danışaq... Paşa. Əhməd, nə durmusan qardaşım, nə üçün dinməyirsən? Bu bəylər öz haqlarına gec-tez çatacaqlar. Yıxılan evlər bizimdir, a bədbəxt. Əhməd. Mən o gün bədbəxt olmuşam ki, düz yolu, haqq yolu qoyub düşmüşəm şeytan yoluna. Gecə yuxu mənə haram olub, gündüz rahatlıq. Peşman olub başıma döyə-döyə qalmışam... Ya haqq! Özün şahidsən ki, mən bu sözləri dürüst qəlbdən deyirəm, necə mən peşman olmayım ki, bu biçarələr göz yaşı tökürlər. (Cabbar bəyi, Qurbanı, Paşanı göstərir.) Qulu. İndi gör iş nə məqama çatıbdır ki, Əhməd mollalıq iddiasına düşübdür... “Yata bilmirəm... Hay nə eləyim” Başdan-ayağa hamısı yalan! Qurban bəy (acıqlı). Ay eyyy, kor məlun, sənin də danışmağa dilin var? Kəs səsini, kor şeytan!.. Laçın bəy (Cahangir bəyə). Komediya başlanır, görək axırı necə olacaq, sən danışma. Əhməd. Xudaya! Tövbə, tövbə əstəğfürullah! Qələt eləmişəm, tövbə!.. Min kərə yalan deyib, and içib, din-imanı satıb bu kişinin evin tar-mar eləmişəm, el içində rüsvay! Təqsirimdən keç, xudaya!.. Aslan bəy müsəlman deyil, müsəlmanlıq nişanəsi bilmərrə onda tapılmaz. Müsəlman olan kəs özgə malın haram it qanı hesab elər... Cabbar bəy, ixtiyarın var məni öldürməyə, qardaşım! Cabbar bəy. Səndə, qardaşım, təqsir yoxdur. Hər nə təqsir var, bu Cahangir bəydədir. Bu mənim evimi yıxdı, adını millətpərəst qoyub yurdumu tar-mar elədi. Allah bunun yurdunu tar-mar eləsin! Hər iki dünyada üzünü qara eləsin! Cahangir bəy. Ev yıxanın evini Allah yıxsın, kişi!.. Vallah, billah, Aslan bəy məni inandırdı ki, o yerləri on beş manatdan artığa alan olmaz. Mən nə bilim ki, yerin qiyməti bir belə artacaq! Qurban. Dərd deyəndə mənim dərdimdir. Kül mənim bu qocalmış başıma! Mənim də evimi yıxan bu kor məlun oldu. Allah bunu olmayan bəlaya salsın!.. “Axirətini axtar” deyə-deyə məni o günə saldı ki, camaat içinə çıxa bilmirəm, qohum-əqrəbadan utanıram. Hər kim məni görür, məzəmmət eləyir. Qorxudan evdən çölə çıxa bilmirəm, kor-peşman, başıma döyə-döyə qalmışam... Bir də, qardaşlarım, bu dağılmış ev məni başdan çıxardı: kim bilsin, dedim, bu zinət, dövlət sahibi, özü də müsəlman, adam aldatmaz... Bir çuxa ilə məni aldatdılar. (Quluya.) Bu məlun oğlu məlun!.. Qulu. Qoca, bəsdir! Çox da uzun eləmə! Yoxsa yaxşı olmaz! Cabbar bəy (Quluya.). Qardaşım, görürsən alovlanıb yanırıq, zülm ərşə dayanıb, a kəmfürsət, birəhm, Allahsız tayfa, hələ diliniz də var danışmağa?! Qurban. Aslan bəyin evlərinə baxırsan, şücaətə baxırsan, deyirsən ki, belə adam ömründə heç kimi aldatmayıb və aldatmaz. Kim bilsin ki, o büsatlar, o bəzək, o şücaət hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. Vay, Aslan bəy! Artıq sözüm yoxdur! Allah görüm səni görünməyən bəlaya salsın, balam! Mənim kimi əli qoynunda qalasan, balam! Həmişə xəcalət içində olasan, balam!.. Yandım töküldüm!.. Paşa. O xəcalət çəkən olsaydı, belə kəndirbazlıq eləməzdi. Həya elərdi, utanardı, Allahdan qorxardı. Qardaşlarım, nifrin tökməkdən, föhş eləməkdən iş aşmaz, dərdinizə dərman axtarın eviniz yıxılıbdır. Cabbar bəy və Qurban. Dədəmizə od vurublar, ciyərimizi yandırıblar. Əhməd. Aslan bəy vəd eləyib Laçın bəy altmış desyatin yer “Qopartma” qışlağından, Cahangir bəyə on desyatin yer bu kişinin (Cabbar bəyi göstərir) yerindən, mənə də iki min manat pul. Evi abad olsun. Mən istəmirəm. O pul it qanından haramdır. Cabbar bəy. Əhməd, danışma! Danışma, başına dönüm, yoxsa bu saat ciyərim od tutub yanar! Qurban. Qoy desin, qoy desin, iş aşkar olmaq gərək... Belə məlum olur ki, bunlar bir dəstə quldur-qaçaqdırlar... Vallahı gözünün içinə vuracağam gülləni. Bir sərçəcən ömrüm yoxdur, qoy hər nə istəyirlər mənlən eləsinlər... Laçın bəy. Əhməd, sən ki, balam, şeytana papaq tikirsən, sən nə üçün avam danışırsan? Məgər bilmirsən ki, Aslan bəy öz işini müvafiqi-qayda görüb, gedib öz kefinin dalıncan? Sən nə üçün ortalıq qarışdırırsan?! İmamqulu (daxil olub). Salam əleyküm. Nə çox qonağın var, a Qulu? Cənab Aslan bəy hələ təşrif gətirməyiblər? Bilmək istərdim ki, görək mənə kömək etmək üçün qurduğu fən, nə üçün axırı belə yaxşı çıxmadı? Paşa. A bəy, görünür ki, bu millətpərəstlər bir balaca sizə də toxuyublar... Buraya cəm olanları bir bəlaya salıblar ki, heç yerdə və heç millətdə görünməyibdir. İmamqulu bəy. Mən də oyun, fən, “birjavay iqra” bəlasına düçar olmuşam. Aslan bəy xeyirxah olub iyirmi desyatin yerimi, adına fən qoyub alıb üç yüz manata desyatini. Qabaqcan satıb yəhudiyə, hər desyatini iki min manata, on günün ərzində otuz dörd min manat nəqd qoyub cibinə. Buyurdu ki, nəcib övladsız, sizə kömək lazımdır, Allah qoysa, deyirdi səni Parisə vıstavkaya aparacağam... Xa, xa, xa!.. Nəcabətindən dəm vururdu ağam... Laçın bəy. А меня уверял, что сделка с Имамкули беком не состоялась... Вот мерзавец! İmamqulu bəy. Триста четыре тысячи, триста четыре! Beş gündə. Ağızda deyilir, qardaşım, zarafat deyil!.. Cahangir bəy. Bu iş helədir ki, demək olur: yoğurmadım, yapmadım, hazırca kökə tapdım. İmamqulu bəy. Gəlmişdim soruşam ki, bəy “birjavay iqra” nə deyən sözdür? Vallahı deyirəm, məni ancaq aldatmaq yandırır, nəinki pul. Ona görə mən gərək vəkilləri bir-bir görəm və bu işə bir əlac tapam. Paşa. Mən əlacını sizə göstərim... Prokuror. Heç o yan-ba yanı görmək lazım deyil... Juliklik zakonda yoxdur və ola da bilməz... Doxsan yaşında qoca yazdığı kağız divanda qəbul olmaz. Qurban. Vay, bəlaya düçar olan canım vay!.. Cahangir bəy. Bilirsiz nə var? Mən belə qanıram ki, siz piş əzvəqt təşvişə düşürsünüz, səbr eləyin, qoyun Aslan bəy gəlsin. Hərgah o vəd elədiyi məbləğləri verməsə, baş üstə, mən də sizə köməkçi. Əhməd. Aslan bəy hərgah bir kəsə qəpik versə, onu fors üçün verir. Vəssalam. Fəqir-füqəraya qəpik də verməz və hərgah bir ianət eləmiş olsa, ölənəcən dağ böyüklükdə minnət qoyacaq o şəxsin boynuna, peşman eləyəcək, o biçarə bilməycək necə qurtarsın o minnətdən. Cabbar bəy. Mən evi yıxılmışa, bu Cahangir bəyin dövlətindən yüz min manat əvəzinə gərək çataydı 1590 manat. Bir əlli-altmış çatıb, qalanı durur. Amma bu evi yıxılmış kağıza qol qoydurub ki, guya pul tamam-kamal çatdı. Belə yıxıb mənim evimi bu evi yıxılmış, bu yurdu itmiş! (Cahangir bəyə.) Qurban. Mən evi dağılmışa, bu vəkilimin dövlətindən iki yüz, üç yüz min manat əvəzində gərək çataydı əvvəl-axır iki min manat. Həzərat, and olsun sizi, məni yaradana, necə ki, deyirəm, elə də var. O iki min manatdan mənə nə çatıb bilmirəm. Bir yol veriblər beş manat. Bir yol on. Hər kənddən gələndə beş-on manat veriblər. Bir-iki yol da bu Şeytan Qulu mənə qənd alıb verib... Kağıza mən də qol qoymuşam. Öz əlimlə yurd-yuvamı tar-mar eləmişəm. Cahangir bəy. Haqdan keçmək olmaz, qardaşlarım, hər ikiniz doğru deyirsiniz, yalan yoxdur. Laçın bəy. Bəs Hümmət nə eləsin? Özü şəhər əhli ola-ola, vağzal yanında yerini dörd min manata satıb, bir qəpik də pul almayıb. Yerini doxsan min manata satıblar. Paşa. Bu oldu aşkar quldurluq. Dəxi nə durmusuz, düz gedin prakurora, yainki qubernatora, vəssalam. Boş-boş danışmaqdan çifayda?.. Nə durmusuz? Yoxsa it qulağın kəsəndən qorxar?.. Sizin evinizi yıxanların ümdəsi Aslan bəyin evinin bəzəyi, sonra bu Cahangir bəy, bu Şeytan, Laçın bəy, bu Əhmədin özü. Əhməd. Doğru deyirsən, doğru deyirsən, qardaşım. İndi neyləmək gərək? Əlacı bunları qırmaqdır, yoxsa divandan bizə haray çatmaz. Laçın bəy. Kül olmuşdu Aslanın başına ki, öz işini möhkəm aparmaya idi. İmamqulu. Demək əl çək, get işinin dalıncan, vəssalam. Artıq nə danışmaq, əlac-məlac tapılmaz. Paşa. Əlacı? Prakuror, prakuror, prakuror, vəssalam! Elə iş zakonda keçməz. Əhməd. Belə deyil. Hərgah iş başlamaq istəsən, gərək vəkil tutasan. Sən beş verəsən, o həmin vəkilə min verər. Nə itirir? İşi puç elər, hələ artıq xərc də sizə qalar. Belə deyil? Bu müsibəti tapşıraq xudavəndi-aləmin divanına və müsəlman qardaşları xəbərdar edək, onlar bu qapıya yaxın gəlməsinlər. Saniyən, millətpərəstlikdən dəm vurur öz xeyirlərini mülahizə edən şəxslərdən qaçsınlar, əlavə, bəzəkli evdən qorxsunlar. Çünki bəzəkli evlərdə insaf, mürüvvət, rəhm az-az tapılır və bu işlərdən ötrü təklif edirəm: buyurun məscid qapısına, Allah qapısına. Qurban. Çək, qardaşım, çək bizi Allah qapısına... Gedək. Mən axunda deyəcəyəm ki, axund, bizim vilayətə bir belə qulaqkəsən gəlibdir, aman günüdür, əlac, dərman, başına dönüm. Cabbar bəy. Mən özüm münacat verəcəyəm, mən özüm minbərdə danışacağam, şəhərbəşəhər gəzəcəyəm, kəndbəkənd gəzəcəyəm, ölənəcən çalışacağam. İmamqulu. Mən də, qardaşlarım, car çağırtdıracağam: ay müsəlman qardaşlar, oyuna, fənnə girməyin, qorxun “Birjavay iqradan”... Carçı qaban İskəndəri gətirdəcəyəm, dəniz qırağından başlayıb çıxaracağam şəhərin bu başına, sonra o başından bu başına. Bağır, başına dönüm, bağır! Elə bağır ki, qulaq tutulsun. Paşa. Mən də, siz öləsiz, buradan düz gedəcəyəm Avanes kirvənin yanına, bircə abbası qoyacağam ovcuna, bir yaxşı ərizə yazdırıb verəcəyəm prakurora. Aslan bəyin, Laçın bəyin, Cahangir bəyin və bu Şeytanın əlindən. Vəssalam, nəğmə tamam. Deyəcəyəm buyurun Bayıla, mazut oğurlayanların qulluği-şərifinə. İndi buyurun gedək... Qurban (gedə-gedə Quluya.). Tfu, gözünün içinə, məlun oğlu məlun! (Gedirlər.) Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar, onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”. Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür. Cəmən. Bu yaxşı iş olmadı. Pərdə * * * == Nə əkərsən, onu biçərsən == Nə əkərsən, onu biçərsən (Qəziyyə, 4 məclisdə) Əhli-məclis Səfdərqulu – otuz yaşında, Avropa libasında Sərvinaz xanım – onun anası Göhər xanım – onun arvadı İsmayıl bəy – Göhər xanımın qardaşı, otuz beş yaşında Nurəddin ağa – İsmayıl bəyin qoca dayısı Rəşid, Mərdan – İsmayıl bəyin nökərləri Heydər – Sərvinaz xanımın qardaşı Hacı Cəfər – tacir Nurcahan – qoca arvad Xəlil – Səfdərqulunun aşnasının evində nökər, iranlı Məşədi Əli * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Göhər xanımın otağında... Sərvinaz xanım, Göhər xanım səndəl üstə əyləşmişlər. Sərvinaz xanım (Göhər xanıma). Allah mənim oğluma insaf versin... Neyləyim, a başına dönüm?.. Vallah, billah, savaşıram da, yalvarıram da, əlac olmur... Bir az artıq-əskik də danışanda atam, anam qalmır... Sən də vaxt-bivaxt oturub-durub deyirsən ki, gedəcəyəm, qalmayacağam. Mən başıma nə kül töküm? Göhər xanım. Mən bu iki ilin ərzində oğlundan bir xoş sifət görməmişəm. “Mırıldama, artıq danışarsan, dişlərini tökərəm”... Rəftarı belə olub... Canım, səbrdir, zülmdür, bəsdir. İndiyədək abır, ismət saxladıb məni. İndi dözə bilmirəm. Xilas olub getməkdən suvay əlac qalmayıb... Sərvinaz xanım. Genə səbr lazımdır, qadan alım. Nə etmək gərək? Bizim bu xaraba şəhərimizdə az adam tapılar ki, xarici qızı saxlamasın. Göhər xanım. İş onda deyil, Sərvinaz xanım. Külfət sahibində insaf olsun, nəinki hər məqamda “çox mırıldama” desin. Sərvinaz xanım. Göhər xanım, qurban olum sənə, bax elə götür mənim özümü. Rəhmətlik ərim həftə səkkiz, mən doqquz döyərdi məni... Hətta bir yol öldürmək də istəyirdi ki, niyə genə qız doğmusan? Qaçdım təndirdə gizləndim, tapa bilmədi... Səfdərqulunun atası da onun kimi kənarda şarlatanlıq eləyib... Axırda peşman, genə qayıtdı uşaqlarının üstünə. Göhər xanım. Mənim axır sözüm odur ki, burada qalmayacağam, xilas olub gedəcəyəm, vəssalam. Sərvinaz xanım. A qız, sən məni lap təngə gətirdin ki, “gedəcəyəm, gedəcəyəm”. Göhər xanım. İki il həbsxanada qaldığım bəsdir... Sizdə gərək insaf olsun, vicdan olsun. Sərvinaz xanım (acıqlı). Sən məni təngə gətirdin. Sən gedəndə görək qarğalar qara geyəcək, dünya bərbad olacaq? Get, Allah yaxşı yol versin... Gedəndə özünü aparacaqsan, məni də aparmayacaqsan ki! Vaxsey, qızın tərsliyinə baxa!.. Göhər xanım. İndiyə kimi həya etdiyim kifayətdir, ta dözə bilmirəm... Nurcahan daxil olur. Göhər xanım qaçır. Nurcahan. Bu gəlin, a qız, məni görəndə nöşün qaçdı? Mən ki, adam yeyən deyil idim... Ona mən nə yamanlıq eləmişəm? Bıy, qadan alım! Qıza bax, qıza... Vaxsey!.. Sərvinaz xanım. Cəhənnəmə gora... Mən nə bilim nöşün qaçdı... Onun ucundan yediyim, içdiyim olub haram... Nurcahan. Vaxsey! Nə olubdur məgər? Yediyin, içdiyin nöşün olsun haram? Sərvinaz xanım. Buna bir deyən yoxdur ki, balam, mən neyləyim, gücnən səni oğlumu istədə bilmərəm ki! Xoşuna gəlmirsən, mənim taxsırım nədir? Nurcahan. Sərvinaz xanım, mən şahidəm və Qurana and içərəm, bu yazıq gəlin sənin evinə gül kimi təmiz gəlib və gələndən bəri evdən kənara çıxmayıb... Belə də baxanda, Allah bəndəsinin heç bir yerində eybi yoxdur, gözəl, göyçək... Görünür ki, burda bir əngəl var. Sərvinaz xanım. Həqdən keçmək olmaz. Adamın Allahı var, gül kimi cəvanəzəndir, taxsır oğlumdadır. O xanımanı xaraba qoyan oğlumdur. Gəlində zərrəcə günah yoxdur. Nurcahan. Belə olan surətdə, balam, yəqin ki, oğluna qurd yağı sürtüblər, ya da ki, caduya salıblar... Deyirəm, gəlsənə bir möhübbət duası yazdırasan... Sərvinaz xanım. Yazdırmışam, əlac olmayıb... Bax, getmişəm kor mollanın yanına, on beş manat qoymuşam ovcuna, yalvarmışam... Deyib arxayın ol, arvad, tas yaxşı göstərir. Kömək etməyib... Deyiblər İrandan bir duayazan dərviş gəlib, getmişəm onun da yanına, beşcə manat ona vermişəm, genə bir əsər olmayıb. Nurcahan. Ta, balam, əlac nədir? Bir yol təlaqın veriniz, Allah bəndəsi çıxıb getsin evlərinə. O da yazıqdır axı... Sərvinaz xanım. Elə bilirsən ki, təlaqını verəndə kəbindən əl səkəcəklər. Heç vaxt əl çəkməzlər... Kəbin də kəbin kimi deyil ki, sayasan qabaqlarına, deyəsən xoş gəldiniz, gediniz! Nurcahan. İndi ki belədir, qoy Səfdərqulu onu hər gün döysün, incitsin, söysün, o qədər ki cana doyub desin kəbinim halal, canım azad, yola düşsün getsin. Sərvinaz xanım. O günlərə daş düşəydi! Biz hara bəyzadə qızı hara?.. Məgər ona əl vurmaq olar? Hay, hay... Nurcahan. Şəhərimizdə göyçək qızlar az idimi? Sizə nə düşmüşdü gedib bəy qızı aldınız? Sərvinaz xanım. Nə bilim ki, iş belə olacaq. Dedim ki, oğluma bir nəcib yerdən qız alaram, o da kənarda gəzib, var-yoxunu dağıtmaz... Nurcahan. Hər nə isə, yazıq arvad, yamanca bəlaya düşmüsən... Sərvinaz xanım. Nə qədər ki, onun qoca dayısı gəlməmişdi, dinməz-söyləməz dolanırdı. O gələndən bəri qız dönüb od-alova... Qorxudan evə də gələ bilmirəm. Nurcahan. O qoca evdə isə, çağır gəlsin görək o nə deyir... Bəlkə onun əlinən kəbindən əl çəkdirək. Sərvinaz xanım. Yaman adamdır... Ağzından od tökülür, danışdırmalı qoca deyil... O saat ölkəni qarışdırır bir-birinə. Nurcahan. Mənə də Nurcahan deyərlər, qorxma, çağır gəlsin. Ona bir dil tökərəm ki, özü də məhəttəl qalar. Sərvinaz xanım. Yaxşı, çağırım... (Qapıya tərəf gedib.) Nurəddin əmi, ola bilərmi buraya zəhmət çəkəsən? Nurəddin ağa (daxil olub). Mən Nurəddin... Nə buyurursunuz? Nurcahan. Mən Səfdərqulunun xalasıyam, səninlə bir mətləb üstə danışmaq istəyirəm. Nurəddin ağa. Buyura bilərsiniz... Nurcahan. Ağa, sən bir dünyagörmüş, hər bir işlərdən xəbərdar adamsan, gərək cahillərə ögüd, nəsihət edəsən, ta ki bu evdə rahatlıq olsun və bu yazıq arvad təngə gəlməsin. Nurəddin ağa. Kim bu evdə təngə gəlib, kim? İki ilin zamanında dörd divar arasında bu evdə dustaq olan kim? Hay, hay! Hələ şikayət də edirsiniz? Nurcahan. Olan olub gedib, ağa... Bizim böyüyümüzsən, yol göstər bizə, o yolnan gedək... Nurəddin ağa. Mən buraya gələn günü işlərdən xəbərdar olub Səfdərquluya dedim: oğlum, ömrə zarafat gözülə baxmaq yaramaz, ağlını başına yığ, gələcəyə bax. Atan bir quru balıq başına qane olub, dinini-imanını satıb, dövlət qoyub gedib, badi-fənaya vermə. Bir o dedi, bir mən dedim, axır sözü bu oldu: “Az danış, yoxsa çürük dişlərini tökərəm”. Sərvinaz xanım. Bilirsən, atam, nə var?.. Səfdərqulunu mən dörd qızdan sonra tapmışam. Onun tək olmağına görə mən onu bir az ərköyün saxlamışam. Ona görə, mən ki, anayam, dünya dağılsa, mən o sözləri ona demərəm... Atasının malıdır, dövlətidir, istər saxlasın, istər dağıtsın... Nurcahan. Ay ağa, məgər sən özün cahıl olmamısan? Axır hər kəsin bir nəqasası olar. Səfdərqulu cahildir, gec-tez qayıdar öz yoluna... Nurəddin ağa. Bu sözlərin bizə dəxli yoxdur... Mən Göhəri əli qoynunda qoyub gedə bilmərəm. Nurcahan. Bəs biz arvad olmamışıq? Vallah, döyülmüşük də, söyülmüşük də, amma ayaqlarımızı altımıza yığıb səbr etmişik... Nurəddin ağa. Bacım, bircə mənə de görüm hansı arvad qəbul edər ki, onun sahibi onu bir otaqda qoyub, o biri otaqda bir qeyrisi ilə eyş-işrətə məşğul ola... Sən özün belə naməbut hərəkəti öz ərindən görsəydin, nə edərdin? Nurcahan. Ona deyərdim canın çıxsın, gözlərin tökülsün, get hər nə bilirsən elə. Həlvət ağzıyın, gözləriyin suyu tökülə-tökülə geri gələrsən. Mən belə deyərdim. Nurəddin ağa. Bacı, mən də indi xərabatıyam, zənənlərin ruhundan xəbərdar... Belə məqamlarda arvadlar da dinc olmazlar, amma bizim qız səhvən bəlaya düşmüş. Gör nə mərətəbədə həyalı, qeyrətli yaranmışdır ki, indiyədək ləkəsiz qalıb, səbr edib dayanıb. Xəlil daxil olur, əlində zənbil. Xəlil. Salam əleyküm, xozeynim buraya gəlməyib? Bir saatdır onu axtarıram, tapa bilmirəm. Sərvinaz xanım. Onu axtarıb neyləyirsən, qoçaq? Xəlil. Nə bilim, a başına dönüm? Lotular genə yığılıblar Roza xanımın qulluği-şərifinə. O da mənə deyib get bu saat Kotiki tap, iyirmi portağal, üç girvənkə jarenni püstə, altı butulka kaxetinski, alma, armud al gətir gəl... Sərvinaz xanım. A gədə, qodux kimdir? Roza xanım nəçidir? Nə söyləyirsən? Xəlil. Roza xanımı ki, sən yaxşı tanıyırsan... Oğluyun aşnası, yəhudi balası. O zalım qızı deyir ki, Səfdərqulu yaxşı ad deyil, xoşuma gəlmir. Onun adı bundan sonra gərək Kotik qalsın, yəni balaca pişik balası. Nurcahan. Vaxsey, Səfdərqulu olub qodux?.. Bıy, qadam ağzına, kafir qızına bax a, a!.. Qodux özünsən, məlun!.. Atandır, anandır... Nurəddin ağa. Din-imanını satıb dövlət, sərmayə qoyub gedən kişi, dur qəbirdən bax gör xanimanını necə bərbad olur... Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolda tarac olur sərmayə... Nurcahan. Əmi, görünür sən bizim şəhər əhlinin işlərindən bixəbərsən. Hərgah bilseydin, onda Səfdərquluya şükür elərdin. Nurəddin ağa. Bacım, nəinki bu şəhərin, tamam vilayətinizin halından xəbərdaram... Şükür etmək gərək ələlxüsus İravanda Səlim ağa, Qarabağda Əliqulu xana, Lənkəranda Məhəmmədtağı xana, Badkubədə Zəki oğluna, Dadaş oğluna, genə də filana-filana... Ey başlarında tozca ağlı olmayanlar, bir natəmiz arvadlardan ötəri şahanə mülkləri badi-fənaya verdiniz. Xalqınız, ölkəniz yolunda kəsdiyiniz qurbanlar hanı? Fəqir-füqəraya köməyiniz hanı? Xəlil. Doğrudur, canım, doğrudur. Haqdan keçmək olmaz. Bərəkallah, qoca, ağlına qurban olum sənin, qoca. Heydər (daxil olur). Cənab ağa genə yerdən, göydən dəm vurur. (Xəlilə.) Sən burada nə qayırırsan? Bu gün qonaqlarınız kimlərdir? Xəlil. Ərz eləyim: biri Məşədi Qurban, yanında ruhirəvannı Olqa xanım. Biri Kərbəlayi Qulam, yanında nazlı Marqarita. Biri Hacı oğlu, qoltuğunda Maşka xanım. Heydər. Elə isə, balam, durma get, yoxsa Roza xanım dədənə od vurar. Xəlil. Yaxşı deyirsən, gedim görüm ağa Kotiki haradan taparam, Roza xanımın hökmünə necə əməl edərəm. Heydər. Adə, Roza xanım Səfdərquluya “Kotik” deyir. Barı sən o adı onun üstünə qoyma, yoxsa camaat arasında adı Kotik qalar, rüsvay olub gedərik. Xəlil. Zalımın qızı qoyur məgər? Buyurur ki, bir də Səfdərqulu desən, o saat səni raşot elərəm. O ad, deyir, məndən sonra gərək yadigar qala... Heydər. Ta rədd ol get işiyin dalıncan!.. Xəlil gedir. Heydər. Hm... Ağa, başla görək. Sərvinaz xanım. Kişi qara geyib qan ağlayır ki, müsəlman əlində olan dövlət puç olur natəmiz yolda, xarici qızların uğrunda. Bu dövlətdən millətə, füqəraya kömək olunmur. Heydər. O qızları ağa görməyib. Hərgah görsə, özü də o yolda şəhid olar, imanım haqqı... Nurəddin ağa. Sən mənim sözlərimi qanmayıb hədyan eləyirsən. Ağıllı danış, namərbut... Bircə mənə de görüm halınız bu qərar ilə davam etsə və sizin qızlarınız bir naməşru iş görsə, onda kimdir müqəssir, biqeyrət, binamus həşərat, kimdir? Nurcahan. Qoyunuz bir qəribə əhval mən sizə nağıl edim. Neçə gün bundan əqdəm getmişdim Ağa Cəfərgilə, girdim otağa, gördüm onun arvadı Gülbacı Rusiyət libasında öz-özünə danışır: “Razdivay pajalskə”. Soruşdum, a qız, dəli olubsan nədir? Nə danışırsan? Dedi neyləyim, başına dönüm, Nurcahan xala? Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləri pinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Gedirsən xarici qızlarının yanına, adama elə naz-qəmzə edirlər ki, adamın ağlı başından çıxır... Elə danışırlar ki, adam valeh olur, bir portağal təklif edəndə deyirlər: “Jiri pajalskə”. Paltarlarını soyunmaq istəyəndə deyirlər: “Razdivay pajalskə”, yəni paltarlarımı soyundur, çəkmələrimi çıxart... İndi mən də öyrənirəm, əmi oğlum gələndə deyəcəyəm: “Razdivay pajalskə”, “isnimi pajalskə”. Bir alma da saxlayacağam, verib deyəcəyəm: “Jiri pajalskə”. Onda deyirəm bəlkə o mürtəd balalarından əl çəkib evdən qaçmasın. Nurəddin ağa (qalxıb ayağa). Vay, vay! Nə yaman bədbəxtçilik, nə yaman müsibət! Xeyr, xeyr, canım, bu xarabadan baş götürüb qaçmaq gərək... Cənab Heydər, qalx ayağa, gedək şəriətxanaya. Bizə nə kəbin, nə cehiz lazım deyil. (qolundan tutub dartır.) Mən bir gün də burada qalmayacağam. (Gedirlər.) Nurcahan. Sərvinaz xanım necə gördün məni? Buyurdu bizə nə kəbin, nə cehiz lazım deyil. Gözümüz aydın olsun, indi gəl görüm bozbaşdan-zaddan nəyin var. (Gedirlər.) Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Göhər xanım bikef əyləşib səndəl üstə. Səfdərqulu daxil olur. Səfdərqulu. Anam hara gedib, bilmirsən? Göhər xanım (üzünə baxmayıb). Xeyr, bilmirəm. Səfdərqulu. Nöşün bilmirsən? Göhər xanım. Mən anana keşikçi deyiləm. Bilmirəm hara gedib. Səfdərqulu. Burnuna tüstü verilən it kimi ağzını nə o yan-bu yana oynadırsan? Adamsan, adam kimi sözümə cavab ver. Göhər xanım. Cavab elə o idi ki, verdim... İt mən deyiləm. Səfdərqulu. İtsən də, itdən betərsən də! Özün də qudurub azmısan. Göhər xanım. Hər nə kefin istəyir, buyura bilərsən. Buyur, eybi yoxdur. Səfdərqulu. Bu bəyzadə qızıdır, buna it demək olmaz. Göhər xanım. Ta bundan artıq nə qalıbdır ki, deyəsən? Səfdərqulu. Səsini kəs! Yoxsa vallah, dişlərini tökərəm... O qoca məlun gələndən, eşidirəm, hələ boşanmaq da istəyirsən... O sənin xam xəyalındır... Göhər xanım. Ondan savayı bir qeyri fikrimiz yoxdur və ola bilməz. Xam xəyaldır ya yox, sonra məlum olar. Səfdərqulu. Ölsən də, çatlasan da, canın bu evdə çıxacaq... Artıq danışsan da, dilini yerindən qopardaram... Sən gərək məni yaxşı tanıyasan. Göhər xanım. Səni yaxşı tanıseydik, mən burada olmaz idim, işlər də belə olmazdı. Səfdərqulu. Sən nə böyük zibilsən ki, özünü dartmısan belə yuxarı?.. Budur, aşkar sənə deyirəm: canın bu evdə çürüyəcək. Ayağını da bu otaqdan kənara qoymusan, vay sənin halına! Göhər xanım. Qoçaq, elə danış sonra utanmayasan. Səfdərqulu. İş elədir ki, sənə dedim. Heç kəsin ixtiyarı yoxdur mənim işimə qarışsın... Göhər xanım. Roza xanımın evində doğrudu, amma mənim haqqımda xeyir, belə deyil... Səfdərqulu. Artıq mırıldama... Göhər xanım. Afərin, maşallah... Səfdərqulu. Heyf olsun o qoca məlun burada yoxdur. Sənin gözüyun qabağında onun dişlərini tökərdim, onda bilərdin ki, mənnən zarafat etmək olarmı, ya yox. Göhər xanım. Mən səni dürüst inandırıram ki, ona çırtma da vurmaq olmaz. Adamın dilini boğazından qopararlar. Siz nə fikir edirsiniz. Səfdərqulu. A bəyzadə qızı, sən məni kimnən qorxudursan, buyur görək kimnən?.. Necəsən, bu saat sənin özünü saçlayıb bu otaq uzunu sürüyüm?.. Göhər xanım. Hərgah başın sənə ağırlıq edirsə, buyur. Səfdərqulu. Əstəğfürullah, lənət sənə kor şeytan ha... Göhər xanım. Bir neçə gün bundan sonra görərik şeytana sən nə cür lənət oxuyacaqsan... (Gedir.) Səfdərqulu. Vay qoca, gör sənin başına nə müsibət açacağam. Taparam səni, taparam, qoca. (Gedir.) Bir az keçmiş Nurcahan daxil olur. Nurcahan (çağırır). Göhər xanım, ay Göhər xanım, gözlərinə qurban olum, bircə bəri gəl... Bəri gəl görək, nə var, nə yox... Gəl, qurban gedim sənə... Göhər xanım (daxil olub). Bizə görə nə qulluq? Nurcahan. Qurban olum o ahu gözlərinə... Canım qurban o açılmayan qaşqabağına, bircə əyləş. Göhər xanım. Baş üstə, əyləşdim. Sonra? Nurcahan. Bir iş var, ancaq cürət edib aça bilmirəm... Amma sizin xeyrinizdir... Göhər xanım. Buyur görək, necə işdir?.. Nurcahan. Göhər xanım, mənim bir kəsim yoxdur iki nəvədən suvayı. Onların mən xeyrini görmüyüm əgər sənin fikrini çəkib gecəni sübh etməmişəmsə... Deyirəm xudaya, sən necə rəva gördün, bu mərtəbədə gözəl cuvanəzən düçar olsun Səfdərqulu təki heyvana... Göhər xanım. Sonra... Nurcahan. İzn versən, ərz elərəm. Göhər xanım. Buyura bilərsən Nurcahan. Bir oğlan var nər döşlü, uca boylu, ala gözlü, yer üzündə misli olmayan, dövlət həddən ziyada... Bilmirəm səni harada görübsə, olub dəli-divanə, gəlib yıxılıb ayağıma, Nurcahan xala, aman günüdür mənə bir əlac. Göhər xanım. Sonra? Nurcahan. Deyir ölənədək ona nökər olaram; canımı, malımı onun uğrunda qoyaram... Göhər xanım. Axır sözünü de... Nurcahan. Yalvarmağı odur ki, xanım izin versin, onu basıb faytona aparım, Səfdərquludan boşadım, olsun mənim halal arvadım... Göhər xanım. Görünür ki, o çox namuslu oğlandır, hə? Nurcahan. Nə buyurursan?.. Onun qorxusundan qonşu arvadlar səslərini çıxara bilmirlər... Kimin cürəti nədir onun bir sözünü iki eləsin... Göhər xanım. Kifayətdir, qoy mən də sözümü deyim: bir müsəlman ki, müsəlman arvadına belə namərbut təklif edə, elə adama bilirsən nə deyərlər? Elə müsəlmana deyirlər: ana-bacı tanımayan biqeyrət, binamus heyvan. Nurcahan. A... a... a... vaxsey, gör qız nə deyir? Məlum olur ki, bu evdə bir köhnə palaz kimi atılıb qalmaq sənin üçün xoşbəxtlikdir, hə?.. Göhər xanım. Məlun! Sürün buradan! Sürün, bu dəqiqə!.. Bihəya qızı bihəya, nə cürət edib belə təklifi mənə edirsən?.. Sürün bu saat!.. Rədd ol, sürün deyirəm sənə!.. Nurcahan. Vaxsey, bu da mənim yaxşılığım... Özünə bax, sözünə bax! Qadam ağzına! Göhər xanım (qapıya tərəf). Dayı, Nurəddin dayı, bir bəri çıx. Nurcahan. Çağır gəlsin, ondan qorxan yoxdur... Ağzı nədir, nəkarədir mənə güldən ağır söz deyə bilsin... Göhər xanım. Nurəddin dayı, bircə tez buraya gəl. (Nurcahan qaçmaq istəyir.) Dayan, qaçma... Gör sənin başına nə gətirəcəyəm... Nurcahan. Mənə də Nurcahan deyərlər. Gör sənin başına nə işlər gətirəcəyəm, səni necə rüsvay edəcəyəm. (Qaçır.) Göhər xanım. Xudaya, gör mən nə günə qalmışam ki, bir gədə oğlu gədə mənə belə binamus təklif edir... (Ağlayır.) Nurəddin ağa daxil olub. Göhər xanım. Dayı, qurban olum sənə, dəxi tab edə bilmirəm... Qardaşım nə vaxt gələcək?.. Nurəddin ağa. Bir-iki günədək İsmayıl durmayıb gələcək. Arxayın ol, darıxma, səbr elə... Göhər xanım. Dayı, burada çox iş var, nağıl etməyə həya edirəm... Bunlar belə bidin, nainsaf, bivicdan adamlardır ki, bir təmiz adımız var, onu da batırırlar... Amandı dayı, tez qaçaq. Nurəddin ağa. Bir saat bundan irəli söz verdilər ki, oğlanı da gətirsinlər, işi qurtaraq getsin. Hərgah baş qaçırtsalar, onda gözlərik İsmayıl gələnədək... Ümidim var ki, İsmayıl sabah gəlsin... Göhər xanım. Qurban olum, dayı, sən bular bir az mülayim danış... Çox qudurğandırlar, qorxuram səni bihörmət edərlər. Nurəddin ağa. Qorxma, hər nə varları isə elə dillərində var, cürət edə bilməzlər. Heydər, Sərvinaz xanım, Səfdərqulu daxil olurlar, Göhər xanım qaçır. Sərvinaz xanım. Ağa, budur, bax, Səfdərqulu, hər nə sözünüz var, danışa bilərsiniz... Səfdərqulu. Nədir sözün, cənab ağa, buyur görək. Nurəddin ağa. Mən sizdən rica edirəm Göhər xanımın talağını verib, bizə yol verəsiniz gedək öz yerimizə, vəssalam. Səfdərqulu. Ağa, buyurunuz görək talaq vermək kimin ixtiyarındadır, ərin ya arvadın? Nurəddin ağa. Şərən talaq vermək ərin ixtiyarındadır. Səfdərqulu. Belə olan surətdə, mən talaq verməyəcəyəm, heç zəhmət çəkmə, necə ki, gəlmisən, elə də qayıt get evinə... Heydər. Ağa, bir mənə buyur görüm Göhər xanımın bu evdə yeməyə çörəyi yoxdur? Geyməyə libası yoxdur? Ya gərək onu bu evdə döyən var, söyən var? Nə olubdur ki, Göhər xanım boşanmaq istəyər?.. Nurəddin ağa. Oğlum, bu söhbət keçmiş ola... Bizə pul, cəvahir lazım deyil idi. Bizə insaniyyət, qeyrət, namus lazım idi, onu da ki görmədik... Səfdərqulu. Qoca, ağzını dağıtma, əməlli danış!.. Heydər. Ağa, bir azca aşağıdan get, baş aparma, başından böyük danışma. Nurəddin ağa. Hədyan eləmə. Binamus adamın qeyri adı yoxdur və ola da bilməz. Heydər. Sübut elə, yoxsa sənin üçün pis keçər. Nurəddin ağa. Sübut, baş üstə... Səfdərqulu, Göhər xanımın üzüyünü onun yanında hansı arvada bağışlamısan? Necə arvaddır o? Onu bu otaqda qoyub, yan otaqda kimin arvadı ilə eyş-işrətə məşğul olmusan? Prakurorun? Ada, hansını deyim?.. Ağzımı açdırmayınız... Səfdərqulu. Pajalsta, baş-beynimizi aparma, bizim dərdimiz sənə qalmayıb. Heydər. Allah xatirinə xatanı başımızdan rədd elə, mətləb üstə gəl... Nurəddin ağa. Mən sözümü deyib qurtarmışam. Siz nə fərmayiş edirsiniz, buyurun. Sərvinaz xanım. Mən ərz eləyim: hərgah kəbindən əl çəkdiniz, onda bəlkə iş düzələ. Kəbindən əl çəkmədiniz, talaq verilməyəcək. Axır söz budur, kefinizə baxın... Nurəddin ağa. Bu saat mətləb talaq barəsindədir. Kəbin məsələsi sonrakı işdir. Səfdərqulu. O ixtiyar məndədir... Məndən talaq verdi yoxdur. Qoy canı çıxa-çıxa qalsın dörd divar arasında. Nurəddin ağa. Yoxsa fikrində var ki, biz hələ sənə bir kəbin haqqı da verək, aparıb Roza xanımın modnu paltarına, ətrinə xərcləyəsən? Vallah, yaman olmaz idi... Səfdərqulu. Əstəğfürullah, lənət sənə kor şeytan, ha... A kişi, talağı güclən alacaqsan? Nurəddin ağa. Xeyr, mən istəmirəm bu işi güc ilə olsun... Gücə qalanda özgə cürə olar. Səfdərqulu. İş gücə qalanda heç kim yel də olub yanımdan ötə bilməz... Onu bil yəqin... Nurəddin ağa. Eybi yoxdur, bu iş qalsın İsmayıl bəy gələnədək. Heydər. Ağa, sən bir az azğın danışırsan. O yaxşı iş deyil. Burada heç kimdən qorxan yoxdur. Bizə də Hacı Muxtar övladı deyərlər. İsmayıl bəy gələndə nə böyük iş olacaq? Görək qiyamətmi qopacaq? Xəlil (daxil olub). Nə durmusan, ay xozeyin? Məgər başımıza gələn müsibətdən xəbərin yoxdur? Səfdərqulu. Nə olub, ay gədə? Xəlil. Nə olacaq, var-yoxumuz əldən gedib... Səfdərqulu. Adə, necə var-yoxumuz əldən gedib? Hə söyləyirsən, dəli olmamısan ha? Xəlil. Ta bundan artıq nə olacaq? Roza xanım məni bağa göndərmişdi üzüm, əncir gətirməyə. Evə qayıdıb gördüm ki, nə lələ var, nə yurdu... Zalım qızı zalım otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan suvayı bir şey qalmayıb... Səfdərqulu. Yoxsa genə içmisən, a gədə? Əməlli danış, elə iş ola bilməz. Xəlil. Çox ağıllı danışıram... Dərd burasıdır, bilmək də olmur hansı tərəfə qaçıb. Heydər. Bir adamdan soruşa bilmirdin şeyləri hansı tərəfə apardılar? Xəlil. Soruşdum, biri dedi dənizə sarı, biri dedi vağzala tərəf getdilər. Hər iki tərəfə qaçdım, tapa bilmədim. Səfdərqulu (Heydərə). Dayı, durmaq yeri deyil, var-yox əldən gedib. Dərd burasındadır ki, namərd qızı namərd şeylərin hamısını öz adına alıb. Xəlil. Başın üçün, kafir qızı sənə bir turp yedirdibdir ki, qiyamətəcən dadı damağından getməyəcək, sən nə deyirsən... Səfdərqulu. Dayı, gəl, Xəlil zalım oğlu, sən də gəl, görək başımıza nə çarə qılırıq. Sərvinaz xanım. Vay, vay!.. Evi yıxılan canım vay! Səfdərqulu, Heydər, Xəlil gedirlər. Nurəddin ağa. Bəli, fəziləti-axund məlum şüd... Buna deyirlər: nə əkərsən, onu biçərsən... Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə. İsmayıl bəy. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin... Nurəddin ağa. Belə danışıqlardan keçibdir... Taxsır bizim özümüzdədir, gərək piş-əzvəqt əhval cəm edib, sonra bunlarnan qohum olaydıq. İsmayıl bəy. Bular tərəfindən elçilər məlakə surətində gəldilər, hamısı tanınmış adamlar: mal belə, dövlət belə, oğlan özü belə, yaxşı, ağlı başında, öz işinə məşğul... O ali cənablara inanmaya bilmədim, bizə onlar xəyanət etdilər... Nurəddin ağa. Burada bir dövlətli hacızadə üç ayın müddətində iki nəfər oxumuş qızları alıb, ikisini də zay edib atıb küçəyə... Atadan qalmış dövlət, libasi-firəngi, barmaqlarda brilyant üzüklər... Biçarə qızlar nə bilsinlər ki, bu cənab insan deyil imiş, heyvan imiş... İsmayıl bəy. Məni o nücabələr yoldan çıxartdılar, yoxsa dəli olmamışdım bir tək, gültək bacımı verəydim belə dələduza... Nurəddin ağa. O günləri bizim bu həzərat buyurdular ki, bizə Hacı Muxtar övladı deyərlər, heç kəs bizə yaxın dura bilməz. İsmayıl bəy. Mən buraya dava etməyə gəlməmişəm. Bizim təklifimizi qəbul edirlərsə, Allah bulardan razı olsun, qəbul etməzlərsə, onda işə baxarıq... Bacı, sən get yavaş-yavaş hazırlaş... Dayı, sən də buları çağır gəlsinlər. (Nurəddin ağa gedir.) Göhər xanım. Qurban olum sənə, qardaş! Bular çox quduz adamlardır, sərhesab ol... Mən qorxuram. İsmayıl bəy. Arxayın ol, qorxma. Göhər xanım gedir. Rəşid və Mərdan daxil olurlar. İsmayıl bəy. Uşaqlar, bu gecə rahat oldunuzmu? Rəşid. Bəli... Çox yaxşı keçirdik... İsmayıl bəy – Dayanız kənarda görək bunlar bizinən necə rəftar edəcəklər... Mərdan. Mən bunları tanıyıram, ağa... Mülayim danışmaq lazım deyil, hələ qabaqcadan nəfəslərini kəsmək gərək... İsmayıl bəy. Qoy gəlsinlər görək nə deyirlər... Nurəddin ağa, Heydər və Səfdərqulu daxil olurlar. Heydər. Salam əleyküm, İsmayıl bəy! Siz bu evə xoş gəlmisiniz, səfa gətirmisiniz... Heyf olsun ki, cənablarınız bir xoşhal məqamda buraya təşrif gətirməmişsiniz, belə gəlmək yaxşı olmadı. İsmayıl bəy. Əyləşiniz! (Əyləşirlər.) Dünya işidir, belə də, elə də olur, eybi yoxdur... Cənab ağa Heydər, mən sizi qabaqcadan xəbərdar edirəm ki, mən bir gündən artıq burada qala bilməyəcəyəm... Ona görə sizdən çox rica edirəm ki, məni burada artıq saxlamayasınız. Gəlmişəm Göhəri aparam. Heydər. Ola bilərmi bu işi qoyasınız bir özgə vaxta, bir neçə gün də bizə qonaq olasınız. İsmayıl bəy. Xeyr, mümkün deyil... Mən gərək elə bu gün qulluğunuzdan mürəxxəs olub gedəm... Heydər. Onda görək xanımı nə qayda ilə aparmaq istəyirsiniz? İsmayıl bəy. Qaydası elə odur ki, talağını alıb, götürüb gedəm, vəssalam. Ümidim var ki, siz mane olmayacaqsınız. Səfdərqulu. Buyurunuz görək, talaq vermək kimin ixtiyarındadır? İsmayıl bəy. Əlbəttə, o sizin ixtiyarınızdadır. Ancaq mən çox təvəqqe eləyirəm ki, mane olmayasınız. Səfdərqulu. İndi ki ixtiyar məndədir, mən razı deyiləm. İsmayıl bəy. Sizdən təvəqqe eləyirəm “mən razı deyiləm” ləfzini qoyasınız kənara. İş nə növ olsa, gərək qurtarsın getsin. Səfdərqulu. Mən qana bilmirəm iş nə növ ilə qurtara bilər, zəmani ki, razı deyiləm və razı olmayacağam və belə bilirəm ki, siz lap nahaq yerə zəhmət çəkib buraya təşrif gətirmisiniz. İsmayıl bəy. Oğlan! Mən qorxuram ki, mərdi qova-qova namərd edəsiniz, axırda yaxşı olmaya. Dübarə sizdən təvəqqe eləyirəm məni o məqama gətirməyəsiniz ki, mən sizlən özgə cürə rəftar edəm... Heydər. Özgə cürə rəftar edəndə nə ola bilər, cənab İsmayıl bəy? Bir tək kəbin tələb etməkdən suvay mən qeyri ixtiyar bilmirəm... Nə lazım artıq-əskik danışmaq? Axırı yaxşı olmaz dedikdə, bir az uzun iş olur. Mən bilmirəm nə ola bilər?! İsmayıl bəy (acıqlı). Onda mən adamın dərisini boğazından tülkü dərisi kimi qopardaram. Heydər. Kəbin tələb etməkdən suvay gücünüz heç bir şeyə çatmaz. Hətta o kəbini də bəlkə ala bilmədiniz. Rəşid. Ağa!.. İzin ver... Ay oğlan ey! Sən gəl atlanıb-düşmə. Təpənə o qədər döşərəm gözlərin pırtlayıb yerə tökülər. Mərdan. Qardaşım! Sən gəl bir az ustufca danış, hər nə desələr deyinən baş üstə... Yoxsa səni o qədər boğaram ki, gözlərin çıxar kəllənə, dana gözləri kimi. Heydər. İş davaya qalsa, mən buraya iyirmi Hacı Muxtarlı tökərəm. Rəşid. Çağır gəlsinlər... Biz öyrənmişik öküzü qulaqlayıb arabaya qoşmağa. Oları mən elə püsükdürüm ki, nəfəslərini çəkə bilməsinlər. Səfdərqulu. Hər nə bacarırsan, müzayiqə etməyiniz. Mərdan. Ay ağa! Bizim bu yeznə boğulmaq istəyir axı (tutur yaxasından), hm! Səslən, nəfəsini çıxart görüm! İsmayıl bəy (Mərdana). Dayan! Dur yerində! Buraya biz dava etməyə gəlməmişik. Heydər. İsmayıl bəy, bu nə işdir, eyib deyilmi? Rəşid. Ay oğlan! Düş qabağa, düz qazıxanaya, dinməz-söyləməz (dartır), gəl! Gəl demirəm sənə?.. Hm, tərpən! Hacı Cəfər daxil olur. Hacı Cəfər. Salam əleyküm! İsmayıl bəy. Əleykəssalam! Dayanınız uşaqlar! Görək bu cənab nə buyurur. Hacı Cəfər. Səkkiz ay bundan əqdəm mən bu evi nəqd pul verib satın almışam. İndiyə kimi bu evdə olurlar. Bu gün axırıncı günüdür. O səkkiz ayın kirayəsi də olsun sizin, canım ta bəsdir, çıxınız evimdən. Heydər. Hacı! Allah xatirinə, bir-iki üç gündə bizə möhlət veriniz. İsmayıl bəy gəlib, bir vacib işimiz var, onu qurtaraq, başımız açılsın, baş üstə, evdən çıxarıq. Hacı Cəfər. Deyəsən bircə saat macal ver, mümkün olmayacaq. Mən gəlib-getməkdən təngə gəlmişəm, tabekey canım? Səfdərqulu getmək istəyir. Rəşid. Tərpənmə, qardaş, dur yerində! Sərvinaz xanım (daxil olub). A kişi, sən nə söyləyirsən? Necə bu ev sənindir? Dəli olmamısan ki! Bu ev mənim atamdan qalıb. Kimin ağzı nədir məni bu evdən çıxartsın. Hacı Cəfər. Vallah, bu evdən elə çıxacaqsan ki, yağdan tük çıxan kimi. Nə karəsən çıxmayasan? Sərvinaz xanım. Hacı, sən özün bilirsən ki, bu ev mənim atamdan qalıb, ta sözün nədir? Hacı Cəfər. Bu ev sənin atandan qalıb, onu mən də bilirəm. Ancaq oğlun Səfdərquluya vəkalətnamə vermisən, o da evi satıb mənə nəqd pula. Sərvinaz xanım. Əgər mən oğluma vəkalətnamə vermişəmsə bax, bu iki gözlərimdən olum... Ay oğul, mən sənə nə vaxt vəkalətnamə vermişəm hə?.. Hacı, sənin kağızın saxtadır, mən sübut elərəm. Hacı Cəfər. Çıx mənim evimdən, sonra nə kefindir elə, mənə dəxli yoxdur, mən nəqd pul verib almışam, kağızım da əlimdə... Sərvinaz xanım. Sən məni evimdən çıxarda bilməzsən, gərək mən ölüm ki, sən bu evə sahib olasan. Hacı Cəfər. Mən çıxartmayacağam, pristav çıxaracaq. Odur, bax, palanın tinində durubdur. İstərsən çağırım gəlsin. Sərvinaz xanım. Qardaş, Heydər, sən nöşün kirimisən? Nöşün danışmırsan?.. Mən evimdən bir yana çıxmamışam, natarus üzü görməmişəm, bu necə işdir, xudaya? Heydər. Bacı! Nahaq yerə cəzə-fəzə eləmə, ev satılıb qurtarıb, gedib. Ya özün get natarusun yanına, ya bir qeyri arvad. Sərvinaz xanım. Ay oğul, elə bircə bu müsibət qalmışdı, gətirdin mənim başıma, evimi tar-mar elədin, a sənin üzün qara olsun hər iki dünyada!.. Xeyr, heylə dərdə mən dözə bilmərəm... Gərək açam bu işi... Quru yurtda qala bilmərəm... Heydər. Onda bilirsən nə olar? Oğlunu göndərərlər Sibirə, qalarsan başına döyə-döyə, hacı da olar ev sahibi, natarus da gedər bad-fənaya. Hacı Cəfər. Qırx səkkiz min manat nəqdcə pul saymışam, bu Səfdərqulunun qabağına. Əlavə altı min manat bu saat mənə borcludur. Onun da gərək yerin tapam. Zarafat deyil, qardaş, puldur, can deyil ki, adam keçsin... Ağzında pul deyirsən. Sərvinaz xanım. Ay oğul, hamamı sataydın, niyə elə bu xarabanı... Hacı Cəfər. Hamam satılıb, bacı... Sərvinaz xanım. Dükanları sataydın. Hacı Cəfər. Olar çoxdan satılıbdır, bacı... Sərvinaz xanım. Bağları sataydın, oğul!.. Hacı Cəfər. Yazıq arvad! Bağlar da çıxıb əldən. Sərvinaz xanım. Dur qəbirdən, ay kişi, gör xanimanın necə bərbad olub. (Ağlayır, gedir.) Hacı Cəfər. O qalan altı min manat pulu almaq üçün əlac ona qalıbdır ki, bu gözə görünən şeyləri aparam... İsmayıl bəy. Hacı! Bağışla! Bu şeyləri mən cehiz vermişəm, onlara əl vurmaq olmaz, cənab Səfdərqulunun borcuna mən şərik deyiləm. Heydər. Hacı! İsmayıl bəyin sözləri haqdır, bu şeylər onlara təəllüqdür. Xəlil daxil olur. Xəlil (Səfdərquluya). Gözlərin aydın olsun, ay xozeyin, Roza xanımı tapmışam. Səfdərəqulu. Axmaq oğlu axmaq, xəbərə gəlməyə vaxt tapıbdır... Sürün burdan! Nurəddin ağa. Yaxşı xəbər bundadır... Söylə oğlum, söylə, necə tapdın? Xəlil. Özü mənə yalvarıb, yüz manat da vədə eləyib, ya gərək öləsən, deyib, ya tapasan. Mən də şəhəri bir-birinə vurub, ayaqdan olub tapmışam. İndi mənə sürün burdan deyir... Bu necə işdir? Səfdərqulu qaçmaq istəyir. Mərdan. Hara? Hara, qardaşım? Dur yerində, sən bizə lazımsan. Tərpənmə, heç tərpənmə. İsmayıl bəy. Qoçaq! Bizim işimiz sənə bağlıdır... Bir azca səbr elə, sonra gedərsən. Nurəddin ağa. Bərəkallah, oğlan. Tapdın hə? Bəs sonra? Nə gördün? Xəlil. Nə gördüm? Büsat, dəsgah və həngamə, vur çatlasın, toy. Səfdərqulu. Ada! Səsini kəs! Sürün buradan... Xəlil. Razılıq əvəzinə hələ mənə sürün burdan deyir, bu necə işdir? Nurəddin ağa. Eybi yoxdur, qoy desin. Sonra necə oldu? Xəlil. Getdim girdim otağa... Nə gördüm... Əlli-altmış qonaq... Məni görən kimi “ura, ura” qışqırdılar, dartdılar məni içəri... Roza xanım ağ paltarda, barmaqlarında, başında, döşündə brilyantlar. Abram qalxdı ayağa. Xalilka. Allaverdi, sən də Kotikin sağlığına! İçdilər, “ura, ura” qışqırdılar... Roza xanım deyirdi ki, Abram mənim qardaşımdır. Hər gün xozeyin evdə olmayanda, bizə gəlirdi... Axırı belə çıxdı, Roza xanıma ər oldu... Toy da Abram ağanın toyu imiş... Vallah, deyirəm, sənə ürəyim odlandı, xozeyin nə gündə, bular nə kefdə... Heydər. Balam, bacı oğlu, ta iş işdən keçdi... Get, qardaş, qonaqlarını yola sal, getsinlər.. Hacı Cəfər. Bəs mənim o qalan pullarıma nə deyirsiniz? Heydər. Hacı! Sən də yaz dəftərində: rəsidə... Nurəddin ağa. Mərdan, Rəşid! Biz qayıdanadək şeylərimizi yığınız bir yerə, hazırlaşınız yola düşək. Buyurun gedək qazıxanaya. (Gedirlər.) Pərdə * * * Dördüncü məclis Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır... Xəlil. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb? Dörd müştəri yaxınlaşırlar: Məşədi Əli, bir nəfər hambal, əkinçi, bir də qarasaqqal cavan oğlan, köhnə libasda, axırda Sərvinaz xanım. Xəlil. Hazırdır, qadanız alım, buyurunuz... Bu sərayi-qəriban, kərxaneyi-Azərbaycan sizə qurbandır... Əyləşiniz, buyurunuz, içiniz! Qurşağın altını pərkarlayandan sonra, bığları eşib, buğlana-buğlana gediniz. Müştərilər əyləşirlər. Usta Xəlil nəlbəkilərə qovurma qoyub, soğan, çörək ilə bərabər paylayır. Xəlil. Məşədi Əli! Adına qurban, buyur! Həmşəri qardaş, altı pud tayı götürən palanına qurban olum, buyur! Əkinçi qardaş, kotanına, öküzlərinə qurban, buyur! Kömür kimi qaraca saqqalına qurban, buyur... Müştərilər şirin-şirin yeyirlər. Məşədi Əli. Pəh, pəh, pəh, nə gözəl, dadlı qovurmadır bu! Usta Xəlil... heç yerdə mən belə qovurma yeməmişəm. Afərin, usta Xəlil! Xəlil. Əli qardaş, bunu mənə bir qaşı qara, kirpiyi qara, ay üzlü, ala gözlü yəhudi balası öyrədib və iki il yarım mən o xanıma qulluq etdim... İçdiyim oldu çay, kakao, şakalad, yanında perojna... Naharda, şamda ağlına gəlməyən naz-nemətlər. Həftədə iki-üç dəfə qonaqlıq, yastı balaban, oynamaq, gülmək. Amma çifayda çox hirsli xanım idi... Bircə dəqiqə qapını gec açanda, zalım qızı qışqırırdı: balvan, durak, von!.. Nəinki bir tək mənlən belə rəftar edirdi, dəxi betər onu saxlayan oğlannan dolanırdı... Çox yalvardım, çox dedim oğlana: xozeyin, bu zalım qızını boşla getsin, sözümə baxmadı... (Qarasaqqal müştəriyə.) Qardaşım, nöşün dayandın, yoxsa qovurma xoşuna gəlmir?.. Qovurmanın ləzzəti elə ondadır ki, isti-isti yeyəsən, özü də bax, həmşəri qardaş kimi: tikəni böyük götürüb, dəvə navala udan kimi, ötürəsən yerinə. Məşədi Əli. Hər nə təhər olsa, o xanımın qulluğunda kef çəkmisən, ay usta Xəlil. Xəlil. İnanırsan, Əli qardaş, mən indiki halımın bircə saatını yüz keçən günlərimə dəyişmərəm, çünki ancaq indi olmuşam asudə, öz-özümün ağası... Burada işimi qurtarıb gedirəm mənzilə, bir-iki piyalə çay içib başımı qoyuram yerə. Bir də sübh ayılıram. Ta dövlətlilər kimi yorğan altında ağnamıram, ay aman, filan iş necə oldu. Heç bir işin fikrini çəkmirəm... Məşədi Əli. Mən sizi inandırıram ki, milyonçular tamam ömründə dünyanın naz-nemətlərini o ləzzətnən, iştahlan yeməyiblər, necə ki biz bu saat bu qaraca qovurmanı yeyirik... Bizimki mərhəməti-ilahidir, onlarınkı qəzəbi-ilahi. Əkinçi. Bəri bax, usta Xəlil, dərdin alım, bəs o xanımı saxlayan necə oldu, o xanimanı bərbad olan oğlan? Xəlil. O bir çöldə qalmış yəhudi qızının ucundan puç oldu... Dörd yerdə evləri... Atadan qalma gözəl bağları, dükanları, qızıl-gümüşləri-hamısı əldən çıxıb, qaldı lat, lüt! Bu saat onu gördüm deyən yoxdur ki... Kimi deyir baş götürüb gedib. Kimi deyir özünü həlak edib... Xülasə, yazıq öz-özünü bədbəxt elədi. Əkinçi. O dövləti öz zəhməti ilə qazanmış olsaydı, yəqin qədrini bilərdi və o hala düşməzdi... Hambal. O da mənim kimi tay daşısaydı, o yaman günə düşməzdi... Xəlil. Elə indicə bilmişəm ki, zəhmətnən qazanılan çörək halal, müqəddəs çörəkdir... Zəhmət özü əziyyət deyil, hətta böyük şadlıqdır qanan üçün... Məşədi Əli. Xoşbəxtlik varsa, o da əkinçidədir... Mən belə qanmışam... Xəlil. Söhbətiniz çox şirindir, meyliniz çəkirsə, tədarükü boldur... Hambal. Söhbət şirin isə də, genə iş dalıncan getmək gərək. (Bir manat verib) Xudahafiz! Xəlil (pulu alıb). Allah min bərəkət versin, xoş gəldin. Hambal gedir. Məşədi Əli və əkinçi. Kifayətdir, çox sağ ol, usta Xəlil. (Adama bir manat verib gedirlər.) Xəlil. Xoş gəldiniz, siz də sağ olunuz... Sərvinaz xanım (yaxınlaşıb, başında boğça, üzü örtüklü). Oğlan! Yarımca manat pulum var, o pula görə təvəqqe eləyirəm ki, bir az çörək və bir azca da qovurmadan ver mənə... Xəlil (zəndlə baxıb). Bacı? Sən Sərvinaz xanım deyilsən? Gözlərindən ona oxşayırsan... Tanımışam, heç üzünü gizlətmə... Vallah, tanımışam... Mən səni göydə axtarırdım, amma yerdə əlimə düşübsən. (Qalxıb ayağa boğçanı alıb qoyur yerə, Sərvinaz xanım ağlayır.) Ağlama, anam, sənə qurban... Mən sənin o qədər duz-çörəyini yemişəm, anamdan görmədiyim mehribançılığı səndən görmüşəm, ölənədək sənə qulluq etsəm, əvəz deyil. Ağlama, canım sənə qurban... De görüm harada olursan?.. Hələ bircə əyləş! Sərvinaz xanım (əyləşir). Dərdimi söyləsəm yer, göy ağlar, necə ağlamayım, Xəlil? Xəlil. Ağlama! Allah qoysa, işlər hamısı düzələr... Heç fikir eləmə, mən ölməmişəm ki. Sərvinaz xanım. Necə ağlamayım... Dost-aşna, qohum-əqrəba hamısı məndən üz döndərdilər. Heç kimdə rəhm, mürüvvət görmədim... Naəlac qalıb, pənahlandım qardaşım evinə, o qardaşımın evinə ki, diriliyinə biz bais olmuşuq. Üç gündən sonra arvadı məni evdən qovdu... Pay-piyadə düşdüm küçələrə, başladım yazıq oğlumu axtarmağa. Tapa bilmədim... Gedib şəhərin kənarında bir zirzəmidə yerləşdim. Qonşuların paltarını yuyub, bir parça çörək tapıb dolanıram... Dərdim bu deyil Xəlil, yox! Oğlum itibdir, başıaçıq qalmışam... Oğlum tapılmasa, qeyri əlacım yoxdur özümü həlak etməkdən savayı... Xəlil. Allah qoysa, oğlunu taparam, heç fikir eləmə. Sərvinaz xanım. Atam-anam sənə qurban, ay Xəlil, aman günüdür, səndən savayı bir kəsim yoxdur, gətir ayaqlarından öpüm, tap oğlumu! Xəlil. Buyur gedək mənim mənzilimə... Arxayın ol, Səfdərqulunu taparam... Sonra gedərəm sənin şeylərini daşıyaram... Ya Allah! Müştəri. Yazıq ana! Sənin bədbəxt oğlun mənəm... Ana... Ana!.. Ana!.. Ana, keç mənim taxsırımdan... (Qucaqlaşıb ağlayırlar.) Sərvinaz xanım. Anan gözlərinə qurban, oğul! (Bihuş yıxılır oğlunun qucağına.) Xəlil. İş rastına düşəndə belə olar... Nə yaxşı oldu... İndi durmaq yeri deyil... Gəliniz gedək bir yerdə başlayaq kasıblığı... Yaşasın zəhmət, yaşasın kasıblıq! Keçmiş günlər yaman günlər idi, xoş günlərimiz qabaqdadır. Yaşasın elə günlər... Gedirlər. Pərdə * * * == Keçmişdə qaçaqlar == Keçmişdə qaçaqlar Əhli-məclis İvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda İskəndər – yasavulbaşı, 40 yaşında, uzun bığlı, üzü qırxıq İsmayıl bəy – 50 yaşında, mülkədar İbrahim bəy – istefaya çıxmış afser, rəsmi libasda, 40 yaşında Camal bəy – 42 yaşında, mülkədar Zinyət xanım – onun arvadı Səadət xanım – onun qızı, 18 yaşında Şahmar bəy – onun oğlu, 21 yaşında İldırım – Camal bəyin nökərləri Xəlil – Camal bəyin nökərləri Cahangir bəy – 26 yaşında Bəkir – cavan oğlan Hacı Qurban – qoca kişi Pirverdi – onun nökəri, qoca kişi Kazaklar və yasavullar * * * Birinci məclis Vaqe olur İvan bəyin evində, otaq xəlilər ilə bəzənmiş, mizlər, stullar düzülmüş, İvan bəy səndəl üstə əyləşib, dəftərxana kağızlarını bir-bir oxuyub, qol çəkib atır kənara, İsmayıl bəy və İbrahim bəy əyləşiblər... İskəndər qapının yanında ayaq üstə dayanıb. İvan bəy. Daha nə var, nə yox? İsmayıl bəy. Və genə belə danışırlar ki, guya İvanovu qulluqdan kənar ediblər, hətta işi də veriblər məhkəməyə, yalanmı, doğrumu?.. İvan bəy. Doğrudur, sizin bəyləriniz ölünü də qoymazlar qəbirdə dinc yatsın, danos, danos dalınca verdilər, yazığı elədilər bədbəxt. İbrahim bəy. Mən bilmirəm o kimə yamanlıq etmişdi. Biçarə lap nahaq yerə bədbəxt oldu. İsmayıl bəy. O yazıq idi? Yalansa Allah ona qəzəb eləsin! Gözünü yumub əlini açmışdı. Qaraca puldan da keçmirdi. Əlxüsus onun hərəmi-möhtərəməsi... Əlbəttə, axırı belə olacaq idi. İbrahim bəy. Başdan-ayağa yalandır. O gözəl adamların birisi idi və çox yaxşı yoldaş idi... Bəylər onu yəhərliyə bilmədilər, başladılar danosbazlığa, vəssalam. İsmayıl bəy. Onun haqqında əlbəttə belə danışacaqsan, çünki günorta əyləşib, gecə yarısınadək vururdunuz; o sənin sağlığına, sən onun. İbrahim bəy. Sən də əlbəttə gərək onu pisləyəsən, çünki ona balta vuranların birisi də siz cənabınız oldu... İsmayıl bəy. Doğrudur, mən əqrəb cinsindənəm. Hər kim mənimlə kəcrəftar oldu, onu elə çalaram, heç özü də bilməz iş haradan toxundu. İvan bəy. Hər halda danos, danosbazlıq yaxşı peşə deyil, onu da sən özünə sənət edibsən... İsmayıl bəy. Güc çatmayanda danosdan başqa bir əlac olmur... Mətləb düşməni yıxmaqdır; hankı yol ilə bacarırsan, o yol ilə yıx, vəssalam... İbrahim bəy (saata baxıb). Bu söhbətlərdən sonra, ağamız, ərz olsun qulluği-şərifinizə ki, saat oldu on iki, hələ bir az da artıq. İvan bəy. Ağa İbrahim bəy, sonra nə olsun? İbrahim bəy. Znaçit, nastal admiralskiy ças. Yəni qəlyanaltı lazımdır... İskəndər, özün bilirsən də. Bir parça çörək bir az... və bir az da zəhrimardan... Tezcə, qadası... İvan bəy. Sən qəribə xoşbəxt adamsan, vallah... Dərdin yox, qəmin yox, ancaq bir qəlyanaltı olsun, vəssalam, qurtardı getdi... İbrahim bəy. Bəs buyur görək sənin dərdin nədir, a bizim hakimi-vilayət? İvan bəy. Qaçaqların, quldurların əlindən camaat təngə gəlib... Pristavlar başlarını itirmişlər. Bundan artıq ta nə istəyirsən, canım?.. İbrahim bəy. Bu canım üçün, nə qədər çalışsan, nə qədər vuruşsan, bizim əhalinin arasında əmin-amanlıq olmayıb və olmayacaq. Sən özünə nahaq yerə heç zəhmət vermə... İvan bəy. İskəndər, gəl bu kağızları apar ver dəftərxanaya... (İskəndər kağızları alıb gedir.) İsmayıl bəy. Doğrudan da, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimana bülənd olubdur və bu bədbihesablığa bais bizim bəylərdir... Bax, elə o Camal bəyi götürünüz. Evləri olub qaçaqlar yatalqası... Nökərləri gecələr quldurluqda, gündüzlər yeyib yatmaqda. İbrahim bəy. Üç-dörd gün bundan əqdəm bizim əmioğlu Səfər bəy öz gözü ilə görüb Keçəl Qulunu dəstəsi ilə Camal bəyin evində... Belə işlərdə Camal bəyə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır ki, bu saat qapıda gördüm... Məlun xəsərəd-dünya vəlaxirə!.. İsmayıl bəy. Hacı Qurban məlun ətraf kəndləri eləyib özünə borclu... Qılıncının dalı da kəsir, qabağı da... Deyir bəy də mənəm, ağa da mənəm, heç kim də qabağıma dura bilməz. İvan bəy. Hacı Qurban barəsində mən sizə yaxşı əhval söyləyim: bu neçə günlərdə oğlunun qabağına yüz erkək qoyun salıb göndərir şəhərə satmağa. O qoçaq da kənddən kənara çıxan kimi qoyunları tapşırıb çobanlara özü qoşulur qaçaqlara. Axşamdan dörd saat keçmiş tökülürlər Hacı Məhəmmədin evinin üstünə. Özünü öldürürlər, evini qarət edirlər. İskəndər (əlində padnos qəlyanaltı gətirib qoyur kənarda mizin üstünə). Ağa, Hacı Qurbanı, o Bəkir gədəni, bir də Camal bəyi və oğlunu pristav göndərib. Nə buyurursunuz, onları damlıyaq, yoxsa danışdıracaqsınız? İvan bəy. Hacı Qurbanı çağır gəlsin! İskəndər gedir, İbrahim bəy mizə yaxınlaşıb ayaq üstə yeyib-içir. İbrahim bəy. Hacının əhvalı bu saat yamandır... Yəqin ki, saqqalı yırğalana-yırğalana titrəməyə düşübdür... Titrəyəcəksən, hacı, hələ harasıdır, titrəyəcəksən... İsmayıl bəy. Xeyr... Hacı min belə tələlərdən çıxıbdır. O bir elə dələduzdur ki, Yer üzündə bərabəri yoxdur. İndi gör nə dil tökəcək, nə dəstgah açacaqdır. Ona Hacı Qurban deyərlər. İskəndər ilə Hacı Qurban daxil olurlar. Hacı Qurban (ikiqat baş əyib). Ağa, məni köç üstündən tutub göndəriblər, ancaq bilmirəm nə işdən ötəri. İvan bəy. Dörd gün bundan əqdəm gecə yarısı oğlun qoşulub qaçaqlara, tökülüblər Hacı Məhəmmədin evinin üstünə, özünü öldürüb, var-yoxunu aparıblar... Hacı Qurban. Aman Allah, belə də böhtan olarmı? Belə də yalan olarmı? Bay, bay, bay... İvan bəy. Qaraçılıq lazım deyil. Hacı Qurban. Nə buyurursan, ay ağa? Başına dönüm, mənim oğlum on gündür ki, şəhərə gedib qoyun satmağa, elə bu saat genə şəhərdədir... Qoyunun pulunu ləngə salıblar, ona görə yazıq uşaq qayıdıb gələ bilmir. İvan bəy. Artıq danışmaq lazım deyil, sən burada dustaq qalacaqsan, ta oğlun gəlib ələ keçənəcən... İskəndər, apar damla! Hacı Qurban. Sahib-ixtiyarsınız, başına dönüm. Ancaq, atam sənə qurban, məni köç üstündən tutub gətiriblər, köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər. Vaxt veriniz köçü yerinə yetirib, gəlim qulluğunuza, yoxsa olub-qalanım əldən gedər, sənə qurban olum. İvan bəy. Olmaz, olmaz, apar!.. Hacı Qurban. Ağa, bax bu bəylər məni yaxşı tanıyırlar, mən və mənim oğlum bədbihesab işlərə qarışmamışıq və heç vaxt qarışmarıq. Çünki Allahın və sizin dövlətinizdən o qədər varımdır ki, pis işin dalınca getməyə ehtiyacımız yoxdur. Bizə nə olubdur ki, divan yanında üzüqaralıq edib özümüzü bədbəxt edək, ay başına dönüm?.. İvan bəy. Oğlun gələnədək damda yatacaqsan. Artıq füzulluq lazım deyil... Hacı Qurban. Ağa, atam sənə qurban, şəhərə tel vurunuz, təhqiq etsinlər. Oğlum on gündür ki, oradadır, bir yana çıxmayıb, vallah, billah... İvan bəy (kağızlara baxır). Artıq danışmaq yoxdur, yatacaqsan oğlun gələnədək... Hacı Qurban. A bəylər, atam sizə qurban, beşcə gün möhlət istəyirəm, aman günüdür... Mən olmasam köçüm tərpənə bilməz, mal-qara dağılar hərəsi bir yana. Mənə rəhm ediniz. İsmayıl bəy, atam sənə qurban... İsmayıl bəy. Ay hacı, bizim nə ixtiyarımız var ki, hakimi-vilayətin işinə qarışa bilək? Hacı Qurban. Ay İsmayıl bəy, köç işini sən özün, əlbəttə, şükür, yaxşı bilirsən... Köç malakanlarda dayanıbdır... Adını ziyanlıq qoyub, qoyunu sürü-sürü aparacaqlar, dana-dunanı hərə bir yana dartacaq, Allah xatirinə mənə rəhm edin, mən yazığam... İsmayıl bəy. Oğlun quldurluqda taxsırlanır, mən belə işə necə ağız aça bilərəm?.. Yüngül iş olsa idi, genə bəlkə mümkün olardı. Hacı Qurban. Mən bilirəm ki, ay İsmayıl bəy, sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçsırırsan? Yoxsa, qurban olum sənə, məndən at istədin göndərmədim, ona görə məndən inciyibsən? İsmayıl bəy. Yalan danışma, heyvərə! Mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim? Yalanına bax qırışmalın! Hacı Qurban. Yalan danışdım, qələt elədim, başına dönüm... Oğlum müqəssirdir, mənim günahım nədir? Atam sənə qurban, mənim qorxum o birəhm malakanlardandır... Beş gün nə böyük möhlətdir ki, onu mənə vermirsiniz? Hərgah o iş doğru olsa, məni və oğlumu dar ağacına çəkiniz... And olsun getdiyim Məkkə və Mədinəyə, bunların hamısı düşmən sözüdür. İsmayıl bəy. Yalan, doğru, mən qarışan iş deyil, vəssalam. Hacı Qurban. İbrahim bəy, atam, anam sənə qurban, bəlkə sən bir dilini tərpədəsən, mən yazığam!.. İbrahim bəy (bir rumka da vurub). Hacı, yalvarırsan, genə hakimi-vilayətin özünə yalvar... Bizdə nə ixtiyar var?.. Hacı Qurban. İbrahim bəy, o balaca hesabımız ki var ha... Qurban olsun sənə, amandı mənə kömək... İbrahim bəy. Yuxu görmüsən, yoxsa başına at təpibdir? A kişi, hesab nədir, zad nədir, dəli olmamısan ha... Hacı Qurban. Ağa, səni and verirəm oğlun Saşa bəyin canına, o İsa peyğəmbərə, dördcə gün mənə möhlət ver, köçü yerinə yetirib, qayıdım gəlim... İvan bəy. Tel vur oğlun gəlsin, əldən qoyum... İskəndər, apar damla... Hacı Qurban (İskəndərə). Gəl gedək balam. Eybi yoxdur, a bəylər, Allah sizə insaf versin. Artıq sözüm yoxdur... Ancaq görəsən o dünyada Allahın divanında necə cavab verəcəksiniz? (Gedir.) İbrahim bəy. Məlun o biri dünyadan dəm vurur... Özün öləsən, ay hacı!.. İsmayıl bəy (İvan bəyə). Yeridir, İvan, əldən qoyma. Hacı çox yağlıdır, yaxşı yerdən tutmusan. İbrahim bəy. Bir adamın ki qapısında hər səhər camaat qatar-qatar dura, bir adam ki basa, kəsə, vuruşdura, barışdıra, heç kəs də cürət edib cavab qaytara bilməyə – onun cavabı nə qayda gərək olsun? Əlbət, qudurğan... İbrahim bəy (ağzını silə-silə yaxınlaşıb). Bizim qonşudan bir at getmişdi. Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. Mən də yazdım verdim. Üç gün keçmiş at qayıtdı yeyəsinə. İsmayıl bəy. Oğlu atasından da qudurğandır... İsmayıl bəy. Necə də qudurğan olmasınlar ki, tamam uyezd onların əlindədir. (Zəngi vurur, İskəndər daxil olur.) İvan bəy. Bəyləri çağır gəlsinlər (sükut). İskəndər (qapını açıb). Buyuruz... Camal bəy, Şahmar bəy və Bəkir daxil olurlar. Camal bəy. Cənab naçalnik, bizi nə işdən ötəri çağırtdırmısınız? İvan bəy. Sizi nə işdən ötəri çağırtdırmışam, bilirsiniz, hm? Camal bəy. Xeyr, bilmirik İvan bəy. Sənin evin olub qaçaqlar yatalqası... Nökərlərin gündüzlər qapıda yasavul əvəzi, gecələr oğurluqda, quldurluqda. Bundan artıq nə iş ola bilər? Camal bəy. Belə təqsirnaməyə mənim gülməkdən başqa qeyri cavabım ola bilməz, cənab naçalnik və hərgah bu sual-cavab ağaların qulluğunda “daznaniyadır”. yazınız qol çəkim, artıq danışmaq olmasın. İvan bəy. “Daznaniya” sonra olacaq. Bu gün mən sizi göndərirəm dustaqxanaya. Əhval cəm edənədək qalarsınız orada. Camal bəy. Hərgah siz şərir adamların sözünə baxıb, inanıb iş görsəniz, uyezdi xaraba qoyarsınız və aqibəti sizin özünüz üçün də yaxşı olmaz, ağa naçalnik. İvan bəy (acıqlı). Mənə yol göstərirsən?.. Dilini yerindən qopartdıraram!.. Gözünü sil, mənə dürüst bax! Camal bəy. Mən sizə qaraqoyunlu deyiləm, mənə hərbə gələsiniz. Nə bacarırsınız müzayiqə etməyin... İvan bəy (bəylərə). Bunun nökərləri dörd nəfər çodarı qırıb, pullarını alıb, bir naxır mallarını o taya keçirib, gəliblər bu bəyin qulluğuna... Hələ bunun dili də var danışmağa, görürsünüz? Camal bəy. Cənab naçalnik, məni Sibirə göndərmək olar, amma ağır söz demək olmaz... Onu bilməlisiniz... İsmayıl bəy. Camal bəy, nə lazım olub artıq-əskik danışmaq? Bir az sərhesab olmaq gərək... Axır hakimi-vilayət hüzurunda... Camal bəy (acıqlı). Təvəqqe edirəm mənə yol göstərməyəsiniz, ağıl öyrətməyəsiniz. Biz bir-birimizi yaxşı tanıyırıq... Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. İsmayıl bəy. Qudurğanlıq lazım deyil... Məni tanıyırsan ki! başına müsibət açaram... Şahmar bəy. Naçalnikin böyrünə qısılıb, çox da hədyan eləmə... Səni bir İsmayıl bəy elərəm, adın da yadından çıxar... Adamını tanı. Camal bəy. Şahmar, sakit ol, danışma, yeri deyil... İvan bəy. İskəndər, apar bunları damla, apar! Camal bəy. İyirmi dörd saatdan artıq bizi saxlamağa ixtiyarınız yoxdur. İvan bəy. Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. Şahmar bəy. O tatarı vuranı mənə göstər görüm kimdir? Kimin ağzı nədir mənim atama yaxın gəlsin? Vallahi, iki parça edərəm! Camal bəy. Şahmar, sənə nə dedim, sakit ol, bəri gəl... İskəndər. Artıq baş aparmaq lazım deyil, düşün qabağıma, dinməz-söyləməz... Bəkir. Ağa, başına dönüm, mənim taqsırım nədir? İvan bəy. Apar üçünü də damla. Sən qaranlıq dərədə ağalıq edirsən, səninlə işim çoxdur. Bəkir. Ay ağa, qurban olum sənə. İvan bəy. İskəndər, eşitmirsən? Rədd elə dedim sənə, nə durmusan? Damla!.. İskəndər. Dayanmayın, düşün qabağıma, yoxsa sürütdürərəm. Camal bəy. Cənab, yasavul başı, buyur görək o “dam” haradadır? Şahmar bəy (gedə-gedə İskəndərə). Gədə oğlu gədə, kimə deyirdin baş aparmaq lazım deyil? Necəsən iki parça edim səni?! Camal bəy. Şahmar! Dəli olma, bəri gəl! O işlər məkr işlərdir! Bəri gəl dedim sənə (qucaqlayıb aparır.). İsmayıl bəy. İndi sən, İvan, Camal bəyin axırını eləyə bilərsən. Sən məni şahid yaz, mən onun anasını ağladım. İbrahim bəy. Qudurğan oğlu qudurğan gördünüz nə hədyan elədi? İvan bəy. Mən bu saat protokol yazım, siz də qol çəkiz. İsmayıl bəy. Mən ikiəlli qol çəkərəm... İbrahim bəy. Qaçaq saxlamaq barəsində nə qədər şahid lazım olsa, mən göstərərəm, sən ancaq yazmaqda ol... İvan bəy başlayır yazmağa. İbrahim bəy. Zakondan dəm vurur axmaq oğlu axmaq... Mən onu bir elə tələyə salım ki, ölənə qədər çıxa bilməsin... Qıraqda səslər: ay aman, qoymayın getdilər... Vur a gədə, qorxma, qabaqlayın, tez ol a gədə, vur nə durursan? Tüfəng atılır. İvan bəy (qışqırır). İskəndər, kazakları çağır, atımı çölə çək, tez ol! (Gedir.) İbrahim bəy (pəncərədən baxıb). Sən öləsən ceyran kimit qaçırlar... Camal bəyə bax... Ay, ay, ay! Zalım gör necə qaçır. İsmayıl bəy. Tüfəngləri haradan aldılar, o gədəyə bax, pah! pah! pah! Xeyr, getdilər, qabaqları meşədir, tuta bilməyəcəklər... İbrahim bəy. Bilirsən, qardaş, nə var? Biz nahaq yerə özümüzü xataya saldıq, bundan sonra bizim dolanacağımız çətin olacaq... Bunlar aləmi qarışdıracaqlar bir-birinə. İsmayıl bəy. Heç fikir eləmə. Arvad-uşaqlarını tutarlar, onda özləri gəlib girəcəklər ağzıbirə. İbrahim bəy. Ağamızın kefi yavadı, “prəfrans” da düzəldə bilmədik... Bəri gəl gedək... Gedirlər. Pərdə * * * İkinci məclis Vaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar. İskəndər. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək. Zinyət xanım. Bağışla, adını da bilmirəm (əyləşir palaz üstə), Səadət, gəl otur yanımda!.. İskəndər. Mənim adıma yasavul başı İskəndər deyərlər. Zinyət xanım. Təvəqqe edirəm naçalnikə deyəsiniz ki, mən və qızım burada acından ölməyə hazırıq, amma Camal bəyin ələ keçməyinə razı olmayacayıq. O dürüst arxayın olsun, əgər ondan ötəri bizi dustaq edibsə, böyük səhvi var... Görünür, məni və Camal bəyi yaxşı tanımamışsız. İskəndər bəy. Bağışlayasınız, xanım, qanan, qeyrəti olan kəs razı olmaz ki, onun ucundan arvadı və qızı dustaqxanada, kazakların əlində qalsınlar. Zinyət xanım. Xeyr, qeyrəti olan arvad heç razı olmaz ki, onun sahibini və oğlunu taxsırsız yox etsinlər, canını qurban edər... O ki qaldı kazaklar əlində qalmağa, sizi dürüst inandırıram ki, o adam hələ yaranmayıbdır ki, bizə yaxın gələ bilsin... İskəndər. Hər halda mən öz ağamın hökmünə əməl edirəm. (Yasavula) Gecə-gündüz əlində tüfəng, durarsan bu qapının ağzında, heç kəsi bunların yanına qoymazsan!.. Qandınmı?.. Qapını da bağlarsan. Yasavul. Baş üstə, arxayın ol, qoymaram... İskəndər. Bu saat sənə bir yoldaş göndərim, növbət ilə qarovul çəkərsiniz... Yasavul. Yaxşı olar. (İskəndər getmək istəyir.) Zinyət xanım. Bir balaca dayan... Ola bilərmi bir qoca ya cahıl arvad tapıb verəsiniz, burada bizə həyan olsun?.. İskəndər. Xeyr, o ixtiyar məndə yoxdur, və ağlım belə kəsir ki, naçalnik də ona razı olmayacaq. Zinyət xanım. Sən müsəlmansan, ya nə? Əgər müsəlmansan, layiqdirmi sənin adına və qeyrətinə ki bir müsəlman arvadını və qızını bir yad kişiyə tapşırıb gedəsən?.. Eyibdir sənin üçün! İskəndər. Mən padşah nökəriyəm, borcumdur hər nə buyursalar ona əməl edim, mənim çörəyim bundan gəlir... Zinyət xanım. Belə məlum olur ki, sizin gözünüzdə dünya malı qeyrətdən, namusdan artıqdır. Belə isə, bizim artıq danışığımız yersizdir, gedə bilərsiniz. Qarovulçu qardaş, sən də çıx buradan... Qapını bağla... İskəndər və yasavul çıxırlar. Zinyət xanım. Səadət, kazakların arasında bizi buraya gətirəndə camaata qatışıq, deyəsən, Cahangir bəy, gözümə dəydi axı... Səadət xanım. Mən də gördüm, ana... Qaralmışdı... Çırtma vursaydın, qanı damardı... Zinyət xanım. Görəsən bildimi bizi hara gətirdilər?.. Səadət xanım. Sonra mən çox axtardım, görə bilmədim. Onsuz da deyil ki, bilməsin... Zinyət xanım. Mənim yəqinimdir ki, o dinc olmayacaq, özünü dağa-daşa vuracaqdır... Görəsən bizi buradan qurtara bilərmi? Səadət xanım. Bu nə bəla idi, biz düşdük, ana? Evimizi tar-mar elədilər... Atamı, qardaşımı qaçaq saldılar... Biz özümüz də bu halda!.. Zinyət xanım. Heç fikir eləmə, qurban olum sənə... Bir azdan sonra baxıb görərlər ki, istədikləri baş tutmadı, bizi azad edərlər, gedərik evimizə... İndi bilirsən, qızım, iki gecədir ki, gözümüzü yummamışıq... Başını qoy dizimin üstünə, gör yata bilirsənmi, qurban sənə... Səadət xanım. Yata bilməyəcəyəm, ana... Canım qalıb atamın və qardaşımın yanında... Kim bilsin, indi onlar hankı dərədə ac, susuz qalıblar... Zinyət xanım. Elə fikirləri eləmə, qızım... Sənin atanı tanımayan yoxdur, onlar üçün hər bir mayə ehtiyac müyəssər olacaq, arxayın ol. Səadət xanım. Kazaklar evimizin üstünə töküləndə, nökərlərimiz elə birdən yox oldular. Ana, görəsən onlar hara getdilər? Zinyət xanım. Mən onlara dedim qaçsınlar. Qaçmaseydilər, onları da tutacaqdılar... Mən bilirəm, onlar bu saat atayın yanındadırlar... Əvvəl istədilər kazaklar ilə vuruşsunlar, mən yalvardım, qoymadım... Səadət xanım. Hər nə isə, ana, yamanca evimiz tar-mar oldu, Allah səbəbin evini tar-mar etsin. Zinyət xanım. Allah kərimdir, heç fikir eləmə, qurban olum sənə, Allah həqqi nahəqqə verməz... Bax, qızım, mən yatıram... Başını qoy dizim üstə, gör yata bilərsənmi?.. (Yatırlar.) Bir az keçmiş. Səadət xanım (qalxıb oturur). Yazıq arvad nə tez yuxuya getdi... İlan vuran yatar, amma mənim yuxum gəlməz... Yazıq atam, qardaşım bilsələr ki. bizi dustaq ediblər, mən bilirəm nə halətə düşəcəklər... Mənim Cahangirə də yazığım gəlir... (ağlayır) “Ay qız, mən cehiz-zad istəmirəm, Allah xatirinə bu işi tezcə qurtarsınlar” – yazıq Cahangir deyirdi. İndi iş belə qurtardı, bax... Zinyət xanım (ayılıb). Ay qız, məgər sən yorulmamısan? Naxoşlarsan, qurban olum sənə, yaxın gəl qucaqlaşıb yataq. Qucaqlaşıb uzanırlar. Bir az keçmiş. Cahangir bəy (çöldən). Əlim-ayağım dəyməmiş dinməz-söyləməz aç qapını. Xəlil. Tezcə ol, belə qadanı alım sənin, yaxşı oğlan... İldırım. Daha qadan alım nədir? Vur boynunu, it boynu kimi düşsün yerə... Yasavul. Daha nə üçün vurursan, qadan alım?.. Qoyun bu saat açım da!.. Səadət xanım (ayılıb). Bu nədir, ana, qurban olum sana... Ana, mən qorxuram... Zinyət xanım. Qorxma, qızım, qorxma. Başına dönüm (qapıya yaxınlaşıb), kimsiniz?.. Xəlil. Qorxmayın, başınıza dönüm, bizik... Cahangir bəy (yasavul a). A gədə, zalım oğlu, əlini pişik yeməyibdir ki! Tez ol də! Qapı açılır, daxil olurlar otağa, xanımlar ayağa dururlar. Cahangir bəy. Yasavulların birini də əldən qoymayın!.. Yasavul. Başınıza dönüm, vallah, billah, məndə taxsır yoxdur, məni öldürməyin, Allah xatirinə... Mən səsimi də çıxarmaram, sabahadək bu otaqdan çölə də çıxmaram, and olsun Allaha, ancaq mənə dəyməyin!.. Xəlil. Bu oğlanı özümüz ilə aparaq, yoxsa burada qalsın? Cahangir bəy. Əl-ayağını səriyib, yıxın qalsın burada!.. İldırım. Qardaşım, uzan yerə, tezcə. Belə sənin qadanı alım, uzan görüm necə uzanırsan? Hm, tezcə... Yasavul. Uzanım, başınıza dönüm... (Uzanır yerə və əl-ayağını səriyirlər.) Xəlil. Belə rahatca yat, sənin qadanı alım. Yaxşı oğlandır, vallah. Bərəkallah! Cahangir bəy. Ağzını da gərək bağlayasan! Yasavul. Başınıza dönüm, ay ağa, ağzımı elə bağlasınlar ki, nəfəsim darıxmasın. İldırım. Qorxma, elə bağlayacağam ki, nəfəsin bircə tikə də darıxmasın, bax, ha belə. Di yat.. Qardaşım, yat... Cahangir bəy. Bismillah-rəhmanir-rəhim, hənirtisiz dalımca gəlin. (Gedirlər.) Pərdə * * * Üçüncü məclis Vaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar. Bəkir (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır. Cahangir bəy. Hər halda burada bir az dincəlmək lazımdır. Yoxsa qorxuram buradan tərpənsək, xanımlar bizim ilə ayaqlaşa bilməsinlər... Bəkir. Bir də, bax, o palıd ağacının dibində bir gözəl bulaq var, burada bir az rahat olsunlar, sonra görək Allah nə istəyib. Camal bəy. Cahangir doğru deyir, burada bir az dincəlmək lazımdır. Ələlxüsus ondan ötəri ki, iki gündür yatmamışıq, artıq yuxusuz qalmaq olmaz. Cahangir bəy. Xəlil, bu xurcunu apar o bulağın üstünə... Camal bəy, siz də buyurun oraya. Camal bəy, Zinyət xanım, Səadət xanım gedirlər. Cahangir bəy. İldırım, sən də yanıncıları döşə yerə... Aç xurcunu, görək Hacı Osman bizə nə göndərib. İldırım yapıncıları döşəyib, xurcunu açır. İldırım. Hacı Osman bəyin mal-dövlətinə Allah min bərəkət versin: yağ, şor, quzu əti, pendir, yağlı çörək... Hazırdır, buyurun! Əyləşirlər, nahar edirlər. Şahmar bəy. Pristavlar kazakları götürüb, yüzbaşıları el atlısı yığıb, dəstə-dəstə olub dərə-təpələri vururlar bir-birinə, bizi axtarırlar... Bəkir. Xanımlar olmasaydı, o dəstələrə rast gəlib, atışma nə xoş gələrdi! Bir-bir dənliyəydim... Nə ləzzət verərdi mənə!.. Ölməzdim o şərir İsmayıl bəyi diz üstə çöküb yalvaran görsəydim... Şahmar bəy. Hacı Osmanın sözündən belə məlum olur ki, pristavların birisi bizi Kür qırağında axtarır, birisi Muğan çölündə, birisi gah dağda, gah aranda... Cahangir bəy. Heyf ki, Camal bəy razı olmur, hərgah biz bir obanı dağda, bir kəndi Kür qırağında dağıtsaydıq, ya yolda poçtu dağıtsaydıq, istirajnikləri bir postada soysaydıq, onda naçalniki nəfəs almağa qoymayıb, o saat qulluqdan kənar edərdilər. Onda, heç olmasa, bizim üçün də bir təsəlli olardı... Əlavə, təzə naçalnik təhqiq edib bilərdi ki, bizdə günah yoxdur, onda bəlkə üzə çıxmaq bizə mümkün olardı. Şahmar bəy. Nə danışırsan, a başına dönüm, aləmi xaraba qoyandan sonra üzə çıxmaq mümkün olardımı? Xəlil gəlir. Cahangir bəy. Onda dərə-təpələr dolardı qaçaqla, əhalidən heç kəs deməzdi ki, Camal bəyin dəstəsi filan bədbi-hesablıq edibdir, amma hökumət deyərdi. Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam! Bəkir. Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik?! Yaxşı o deyilmi düşmənə əvəz edib, baş götürüb gedəsən, ta namərd adamların üzünü görməyəsən. Cahangir bəy. Bilirsiniz nə var? Belə söhbətləri arxayınlıqda elərlər, bu saat yerimiz o qədər də qorxusuz deyil, müddəilər uyezdin hər tərəfini gəzirlər. Söhbətə qızışmaq yaramaz, hərə bir tərəfə dağılıb yolları güdmək gərək, tainki qəflətən üstümüzü ala bilməsinlər. Şahmar bəy. Yaxşı sözdür, qoy onlar yatıb dincəlsinlər, biz hər tərəfə dağılaq. Xəlil. Mən gedirəm köç üstünə. Bəkir. Mən gedirəm o qayanın üstünə, oradan hər tərəf görünür. Şahmar bəy. Cahangir bu ətrafda dolansın, mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox... Bir az da ayın-oyun gətirim. İldırım. Bu hamısından vacibdir, çünki hər adama etibar edib görünmək olmur... İşin nə halda olduğunu Hacı bilər. Cahangir bəy. Deyirlər şər deməsən xeyir gəlməz... Ehyana həmin bu yerdə düşmənə rast gəldik, onda nə etməli? Xəlil. Vuruşmaqdan savayı nə ola bilər?.. Ya onlara verən Allah, ya bizə... Cahangir bəy. Çox yaxşı, vuruşduq, bəs sonra nə olsun? Küyə düşəndən sonra bütün uyezdi tökəcəklər bizim üstümüzə. İldırım. Sonra nə olacaq olsun! Axırı ölüm deyil?.. Biz canımızdan keçmişik, vay düşmənin halına. Bəkir. Dolarıq daş, ağac altına, vuruşarıq qaranlıq düşənədək, sonra hər nə qəzadandır, o olacaq. Cahangir bəy. Pənah Allaha... Qalxın ayağa, görək Allah nə istəyib. (Gedirlər, əllərində parça çörək. Cahangir bəy yalnız, əlində tüfəng ətrafa baxır.) Cahangir bəy (tək). Səadət! Tək səndən ötəri xanimandan əl çəkib bərrü biyabana düşmüşəm... Ölmək var, dönmək yoxdur. (Uzaqlaşıb bir azdan sonra yenə gəlir.) Canımı, malımı sənə qurban demişəm, Səadət! (Səktə.) Səbəb, evin mənim könlüm kimi tar-mar olsun! Mən toy tədarükündə, gör başıma nə gətirdi, eybi yoxdur... Yar yolunda çoğun olar, qar olar... Çəkərəm yar qəhrini, nə qədər canım sağdır... Səadət xanım (gəlir, əlində tüfəng). O kimdir? Kim ilə danışırsan Cahangir? Cahangir bəy. Bir kəs yoxdur... Niyə yatıb dincəlmirsən, malım qurban, canım qurban? Səadət xanım. Fikir qoymur məni yatmağa. Cahangir bəy. Bizimki fikirdən keçib, mənim umudum bir tək Allahadır. Səadət xanım. Gör sənə nə deyirəm Cahangir... Sən lap nahaq yerə bizə qoşulmusan, sənin bir günahın yoxdur, divan yolunda adın çəkilmir, qayıt get evinə! Cahangir bəy. Nə söylərsən, a qız, mən səndən ayrıla bilərəmmi? Bir dəqiqə səni görməyəndə az qalır bağrım çatlasın. Səadət xanım. Get gözlə! Mən ölsəm, Allah əmridir, sağ qalsam, övrət bilərsən... Cahangir bəy. Niyə belə dəli-dəli danışırsan, a qız? Sən qalasan qaçaqlar dəstəsində, hər dəqiqə ölüm gözüyün qabağında, mən də gedim evimdə rahat əyləşim, bu heç olan işdirmi? Səadət xanım. Mən deyirəm əgər ölüm varsa, qoy heç olmasa birimiz sağ qalsın, ta ikimizin birdən tələf olmağımızın nə mənası var? Cahangir bəy. Mən özümü, malımı, canımı sənə qurban demişəm, ölmək var, ayrılıq yoxdur. Səadət xanım. Yavaş! Ora bax... (Qaçır.) Cahangir bəy (gah bir, gah qeyri ağaca qısılıb). Kimsən? Nə gəzirsən buralarda? Yaxın gəl görüm, kimsən? Pirverdi (belində xəncər). Nə üçün yaxın gəlim? Nə olubdur məgər? Cahangir bəy. Yaxın gəl, yoxsa vuraram, tosmalarsan... Pirverdi (yaxınlaşıb). Necə yəni vuraram, tosmalarsan? Nədən ötəri, əzizim? Mən sənə nə yamanlıq etmişəm, qardaşım? Cahangir bəy. Nəçisən? Kimsən? Nə gəzirsən buralarda, de görüm? Pirverdi. Yol adamıyam, görmürsənmi? Cahangir bəy. Sarsaq danışma, qoca, burada yol nə qayırır?.. Pirverdi. Hərgah burada yol yoxdursa, pəs sən özün burada nə gəzirsən, qoçaq? (Getmək istəyir.) Cahangir bəy. Tərpənmə, xurcunu bəri gətir görüm içində nə var? Hara gedirsən? Qoyarammı sən gedəsən? Pirverdi. Yavaş görək. Xurcunun yeyəsi ölübdür ki, onu sənə versin? Cahangir bəy. Verərsən, ağzın nədir verməyəsən, bəri gətir görüm!.. Pirverdi. Açıl başımdan, axmaq!.. Yoxsa məni bir qoca kişi hesab edirsən? Sənin kimi oğlanları mən çox vaxt ağaca səriyib yola düşmüşəm. Heç atlanıb düşmə, eşidirsənmi? Cahangir bəy. Sən öləsən, qoca, heç o yan-bu yan eləmə, xurcunu alacağam, özünü də qoymayacağam qədəm kənara qoyasan. (Yaxınlaşır.) Pirverdi. Uzaq dur, yaxın gəlmə, vallah qarnına bir xəncər vuraram, bağırsaqların ayaqlarına dolaşar!.. Görünür ki, özündən qoçağına rast gəlməmisən. (Getmək istəyir.) Cahangir bəy. A kişi, Allaha bax, ölümün yetməsin, dayan, hara gedirsən? Mən səni buradan buraxa bilmərəm, dayan deyirəm sənə, dayan!.. Pirverdi. Rədd ol başımdan, həpənd. (Gedir.) Cahangir bəy. Qoca! Əcəlin yetməsin! Vallah, öldürərəm... Səni əldən qoya bilmərəm, qanırsanmı?.. Camal bəy (kənardan). Cahangir! Səbr elə görək kimdir? Cahangir bəy. Bir bəlayi-bəd qocadır, aşkara deyir, vur ölüm... Camal bəy (yaxınlaşıb). A kişi, Pirverdi deyilsən? Pirverdi. Mənəm, dərdin alım. Pirverdiyəm... Ay ağa, sizi gəzməkdən əldən-ayaqdan olmuşam, başına dönüm, şükür Allaha gəlib tapdım... Camal bəy (kötüyün üstə əyləşib). Qoca, əyləş görüm nə var, nə yox? Hacının kefi necədir? Pirverdi. Hacının sizə çox-çox duası vardır... Onu da bir neçə gündür ki, soyub buraxıblar. Bir az naçalnikə verib. Filan qədər İsmayıl bəy alıb. Bir azca da o həmişə piyan İbrahim bəy alıb. Ancaq fikri sizin yanınızdadır. Cahangir bəy. Əmi, bağışla, səni tanımadım... Pirverdi. Elə işlər çox olar, qadan alım, eybi yoxdur. Cahangir bəy. Amma yaman hərif imişsən, qoca, maşallah, afərin! Pirverdi. Qardaş oğlu, indi bu xurcuna sahib ola bilərsiniz. (Verir.) Camal bəy. Pirverdi, siz tərəflərdə bizi axtaran yoxdur ki? Pirverdi. Dünən axşam pristav üç yüzədək atlı ilə bizim obanın yanından getdi. Camal bəy. Naçalnik haradadır, bilirsənmi? Pirverdi. Naçalnik, deyirlər, aranda əli boşa çıxıb, yenə dağa sarı qayıdıb... Əlavə belə danışırlar ki, naçalnikə üç min manat vədə ediblər... Camal bəy. Bilirəm, məni öldürənə üç min manat vədə edib... Eşitmişəm... Üç min deyil, qoca, artıqdır... Pirverdi. Üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin. Bəkir (hövlnak). Qayanın üstündə gördüm iki dəstə atlı bizə sarı yönəliblər, yəqin ki, onlardı. Camal bəy (ayağa qalxıb). Yoldaşlarını xəbərdar etdinmi ya yox? Bəkir. İldırıma papaq elədim... Çox böyük dəstədir, görmüyə bilməzlər... Cahangir bəy (aşağı baxıb). Budur, İldırım da gəlir. Camal bəy. Darıxmayın... Xəlil hankı tərəfə gedib? Cahangir bəy. Xəlil köç yoluna gedibdir... Camal bəy. Cahangir, xanımları çağır gəlsinlər... Yerimiz yaxşı olmadı... Görək, Allaha pənah. Cahangir bəy gedir. İldırım (yaxınlaşır). Ağa! Gəlirlər, hazırlaşmaq gərək... Camal bəy. Xəlil necə oldu? Gör onu çağıra bilərsənmi! Bəkir (aşağı baxıb). Budur Xəlil də gəlir... Xəlil (hövlnak). İki dəstədirlər. Az qalıblar üstümüzü alsınlar, piyada gəlirlər... Cahangir bəy xanımlar ilə gəlirlər. Camal bəy. Yaxın gəlin... Qaçaq, hara qaçaq? Qaçaq, nə edək? Bəkir. Özümüzü verək o daşın dalına... Axşamadək vuruşaq, qaranlıq düşəndən sonra yolumuz dolamadır. İldırım. Mən kəsərəm qabaqlarını, qoymaram yaxınlaşsınlar. Xəlil. Mən yuxarı tərəfi kəsərəm, ölənədək qoymaram yaxınlaşsınlar... Səadət xanım. Ata! Mən sənin qabağında duracağam, qoy qabaqca güllə mənə dəysin. Zinyət xanım. Ay uşaqlar, oğlum pəs harada qalıb? Cahangir bəy. Gedib özgə yerə, o ələ keçməz... O barədə arxayın olunuz. Camal bəy. Siz oturun o çökəkdə, əl-ayağa dolaşmayın. O ki qaldı sizə, oğlanlarım, siz bir-birinizdən uzaqlaşmayın... Darıxmayın... Aramla iş görün! Sonra görək Allah nə istəyib... İldırım. Xanımlar, heç qorxmayınız. Allah qoysa mən onları köç yolunadək qovacağam... Elə qışqırım ki, adları yadlarından çıxsın... Cahangir bəy (Pirverdiyə). Əmican! Sən bigünah bizim odumuza yanacaqsan... Heyf ola... Pirverdi. Balaca xanım tüfəngini versin mənə, onda görərsiniz qoca Pirverdi nə afətdir, necə canavardır. Camal bəy. Hərə öz yerinə! Bismillah-rəhmanir-rəhim. Əşhədən la-ilahə-illəllah. Əşhədən Məhəmmədən-Rəsul-Allah. (Getmək istəyir.) Pirverdi. Başına dönüm, Camal bəy, bir balaca səbr elə! Nicat yolu tapmışam: bax yanımızdakı dərənin içindən bir uca palıd ağacı, odur ha, bəri çıxıb. Dərəyə düşmək mumkündür... Heç kəsin ağlına gəlməz ki, qaçaqlar özlərini bu ağzıbirə salsınlar... Mənim əl-ayağımı səriyib, yıxarsınız bu ağacın dibinə... Onlar bəri çıxanda mən onlara bir dil tökərəm çaşıb qalarlar. Ağızlarını buraram dolayı... Daha durmaq yeri deyil, səriyiniz məni, səriyiniz, tezcə, tezcə... Camal bəy. Yaxşı tədbirdir... (Pirverdinin əl-ayağını bağlayıb səriyirlər ağaca.) Pirverdi. Dayanmayınız! Bismillah! Gedin! Heç qorxmayın, Allah kərimdir... Cəmən. Yaşasın qoca! Camal bəy. Pirverdi! Səni Allaha tapşırıb gedirik... Pirverdi. Gedin, Allah sizə yar olsun! (Gedirlər.) Vay, müsəlman, evin yıxılsın, necə ki elə yıxılıbdır... Yazıq Camal bəy ömründə heç kəsə yamanlıq etməyibdir, yaxşılıqdan başqa, indi gəl gör biçarə nə hala düşübdür. (Səktə.) Allahın lənətinə gəlmiş bəylər yazıq kişini yamanca bəlaya saldılar. (Səktə.) Həriflər deyəsən gəlirlər. Buyurunuz, gözüm üstündə yeriniz var... Gəlin, başınıza bir oyun açım ki, şeytanın da ağlına gəlmiyə. (Çəktə.) Odur ha, birisi üzü yuxarı dırmaşır. Hələ bir az da yaxınlaşınız görək!.. (Qışqırır.) Ay başınıza dönüm, amandır, atam sizə qurban, gəliniz! Gəliniz, qurbanınız olum, gəliniz. (İskəndər bir neçə yasavul la yaxınlaşır.) İskəndər (naçalnikə). Ay ağa, bir kişini burada ağaca səriyiblər... A kişi, bir bəri bax görüm kimsən? Pirverdi (kəsə-kəsə). Ölürəm, atam sənə qurban! Ölürəm anam sənə qurban... Aç əl-ayağımı... Allah sənin dayağın olsun... İskəndər. Qoca, ölməzsən, qorxma... Qoy naçalnik gəlsin, bir az səbr elə, sonra açaram. İvan bəy yanında bir neçə kazak, təngnəfəs gəlir. Pirverdi (kəsə-kəsə). Ay ağa... atam... sənə qurban... bacım, qardaşım... sənə qurban... Nə yaxşı ki, Allah... sizi... yetirdi... yoxsa məni... qurd... quş... yırtacaqdı... Gətir ayaqlarından öpüm, ay ağa! İvan bəy (kötüyün üstündə əyləşib). İskəndər! Aç bu kişinin əl-ayağını. (İskəndər açır.) Pirverdi. Ay ağa, qurban olum... ayaq üstə... dura bilmirəm, izin veriniz oturum. İvan bəy. Əyləş qoca! Nağıl elə bu necə işdir. Pirverdi. Sırağa gün... sabah vaxtı... evdən çıxıb oğlanlarıma... yavanlıq aparırdım. Bu yalın ayağında, köç yolunda... bir dəstəyə... rast gəldim... Allah onlara lənət eləsin... məni dayandırdılar... nə qədər yalvardım, olmadı... saldılar məni qabaqlarına... buradək gətirdilər... İvan bəy. Onlardan heç olmasa birini tanıdın, ya yox? Qoca, doğrusunu de!.. Pirverdi. Doğrusunu de nədir... ay başına dönüm... Allah onlara qəzəb eləsin... Allah onların evlərini tar-mar eləsin!.. İvan bəy. Tanıdın, ya yox? Pirverdi. Xeyr ağa, ... tanıya bilmədim... məni qabağa salıb gətirən bir boz çuxa gödək oğlan idi, başına dönüm. İvan bəy. Burada çoxmu qaldılar? Pirverdi. Məni ağaca səriyəndən sonra iki saat o böyük ağacın altında çörək yeyib dincəldilər. Haram olsun, gözlərindən gəlsin mənim o yazıq, aranda biçində qalan uşaqlarıma apardığım yavanlıq. İvan bəy. Sonra? Pirverdi. Danışa-danışa getdilər. İvan bəy. Hankı tərəfə getdilər və nə danışırdılar? Pirverdi. Yavaş-yavaş danışırdılar, qanmaq olmurdu, ancaq qulağıma bir neçə sözləri dəydi: “Dərin göl, sarı bulaq”. Belə dolayı endilər, hara gedəsi oldular, onu qana bilmədim... On beşə qədər adam idilər, başına dönüm... İvan bəy. Bax bu yanımızdakı dərəyə getmədilər ki? Pirverdi. Xeyr, ora getmədilər... dörd tərəf qaya, bura getsələr, ağa, tələyə düşən kimi olarlar, ağlım kəsmir. Bir də yol dərəyə aşağıda qalıb... Buralarda yol yoxdur. İskəndər. Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. Pirverdi. O gödək boz çuxa, məlun oğlu başıma bir tatarı vurdu, ağa, gözlərimdən od parladı. Ağa, atam sənə qurban, hərgah yanınızda varsa bir əl böyüklüyü mənə çörək, acam... qurban olum sənə. İskəndər yasavul dan bir parça çörək alıb ona verir. Pirverdi tez-tez yeyir. İvan bəy. Haralısan, qoca? Adın nədir? Pirverdi. Ağdərəliyəm, ağa, adım da Səfi Qurban oğludur. (İvan bəy yazır.) İskəndər. A qoca, onları görsən tanıya bilərmisən? Pirverdi. Tanıram da, hələ desən atalarını yandırram da... Sabah elə gələcəyəm ağanın qulluğuna, mənə zülm etdilər məlun uşaqları, uşaqlarımı da aranda ac qoydular. İskəndər. Ağa, dayanmaq yeri deyil, yola düşmək gərək, yoxsa əldən çıxarlar. (Gedirlər.) Pirverdi (tək). Gedin, Allahın lənətinə gəlmişlər. Ağa naçalnik, ləhlə, hələ harasıdır, çox ləhləyəcəksən... Ləhlə ağam, ləhlə. (Başını yerə qoyub qulaq asır.) Getdilər, səsləri gəlmir... Şükür xudaya... (Qalxıb ətrafa baxır.) Odur ha gedirlər, dərəni keçdilər, dərəni keçdilər o taya... İndi, qoca Pirverdi, buyur qaya başına, çağır gəlsinlər. Sonra görək Allah nə istəyib... Eyib etməz ki, desəm: yaşasın qoca Pirverdi, yaşasın köhnə hərif!.. Pərdə * * * Dördüncü məclis Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng. Camal bəy. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək! Gedirlər. Camal bəy (tək gəzir, gah səhnədən çıxır, gah gəlir.). Gecə-gündüz çalış-vuruş, bir parça təmiz güzəran qayır, axırda ata-baba yurdunu bərbad etsinlər, özün də ol qaçaq, əhli-əyalı sal yanına dərələrdə, təpələrdə ömür keçir. Xeyr, düşmənə əvəz etməsəm, bağrım çatlar... (çıxır, yenə gəlir. Fit üç dəfə, bir az keçmiş Səadət gəlir.) Camal bəy. Qızım! Aşağı yolda adam görürsənmi? Səadət. Bəli, çoxdur... Bu saat dörd furqon yaxınlaşr. Camal bəy. Çox yaxşı.. işarə etdinmi? Səadət. Bəli, işarə elədim, bildilər... Camal bəy. Çox yaxşı, qızım, qaç yerinə!.. (Səadət qaçır.) Camal bəy (tək). Düşmən qabağında ağır sözə, hərəkətə dözə bilmədim... Eybi yoxdur... Mərd kişinin başı qovğada gərək... deyərlər... Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni!.. (Gedir, yenə gəlir.) Fit iki dəfə, bir az keçmiş Zinyət xanım gəlir. Camal bəy. Yuxarı tərəfdə işimiz nə haldadır? Zinyət xanım. On iki kəl, öküz arabası gəlir... Camal bəy. Çox yaxşı, qaç yerinə... (Zinyət xanım qaçır.) Burada mənə bir-iki ləyaqətli adam lazımdır (gəzinir, gedir, yenə qayıdır). Kəndlərdə, obalarda zalım oğlu cəza dəstəsi yaradıb, arvad-uşaq qalıb kazakların əlində!.. Belə hökumətə necə tabe olasan?.. Belə müsibətlərə bais bizim bivicdan bəylərimizdir... Varam sizinlə, a bəylər! Qorxunuzdan şəhərdən kənara çıxa bilmirsiniz... Düşər əlimə fürsət! Allah kərimdir. (Fit bir dəfə, bir az keçmiş Şahmar bəy gəlir.) Camal bəy. Qonaqların arasında bir ləyaqətlisi yoxdurmu? Olanda göndər yanıma! Şahmar bəy. Xeyr, yoxdur... Bir cavan oğlan elə keçib, o deyir mən meşəbəyi Əşrəf bəyin adamıyam. On iki öküz arabası, yükləri pambıq. Naxçıvan duzu və dörd tay qənd-çaydır və arşın malı... Əlavə, çox əla xüşkəbərdir. Camal bəy. Heç kəsə ziyan vurmayın, yazıqdırlar... Hər nə alsanız, pulunu veriniz... O cavan oğlanı göndərin gəlsin buraya. Gərək onlarda yaxşı xəbərlər olsun... Şahmar bəy. Baş üstə, bu saat göndərim. (Gedir.) Camal bəy. Fəqir-füqəranı sinsidə bilmərəm, pulsuz da dolanmaq olmur. Naəlac qalıb Avanes bəydən iki min manat, Hacı Məhəmməddən üç min manat gətirtdim... (Gəzinir.) Gərək qurtarmış ola... Cavan oğlan gəlir. Camal bəy. Yaxın gəl! Nəçisən? Haralısan? Cavan oğlan. Meşə qarovulçusuyam, ağa!.. Əşrəf bəyin adamıyam. Camal bəy. Əşrəf bəy salamatdırmı? Necə dolanır? Yaxşıdırmı? Cavan oğlan. Şükür Allaha, sağ-salamat, kefi kök... Camal bəy. Eşitmişəm naçalnik ilə onun arasında böyük qalmağal olub, doğrudurmu? Cavan oğlan. Bəli, doğrudur... Hətta iş o məqama gəlibdir ki, Əşrəf bəy onun üstünə tapança çəkib: “Filan-filan şüdə, sən aləmi çaxnaşdırmısan, məlum işdir nədən ötəri... Qaz vurub qazan doldurmağa, bəylər ilə bölüşməyə”... Aralığa girib qoymadılar... İsmayıl bəyə olmayan sözləri gözünün içinə deyib: “Camal bəy quldur deyil, quldur sizin kimi olar...” Xülasə, böyük qalmağal olub. Tamam uyezd danışır. Camal bəy. Əşrəf bəyə məndən dua edərsən və bir də deyərsən ki, o xatakünlərdən özünü gözləsin, sərhesab olsun... Cavan oğlan. Ona nə var! İşi təmiz, özü təmiz... Heç kimdən qorxan deyil... Mənim kimi onun əlinin altında altmış oğlan var, canından, malından onun yolunda keçməyə hazır. O nədən və kimdən qorxsun ki, camaat arasında o hörmətdə heç bir adam indiyə kimi olmayıb. Camal bəy. Bilirəm, oğlum, bilirəm... Allah dəxi artıq eləsin... Yaxşı, Sərdarov neyləyir? Cavan oğlan. Gah arana qaçır, gah dağa. Bigünah hacılardan tutub göndərir bəylərin qulluğuna, olar da naçalnik ilə şərik olub, yazıqları soyub buraxırlar... Camal bəy. Əlac yoxdur, ixtiyar, hökumət düşmən əlindədir... Get, oğlum, get dayan orada!.. (Cavan oğlan gedir.) Bəylər bəy olsalar, hansı naçalnik biqanun iş görə bilər?.. Camaat avam, bəylər müftəxor, bivicdan. Odur ki, əkinçilər qalıb avara, bisərpa, inək kimi sağılır... (Gəzinir, gedir, yenə gəlir.) Şahmar bəy, qabağında bir rus xanımı və onun əri mühəndis gəlirlər. Şahmar bəy (qıraqda). Идите, не бойтесь... Madam. Хотя жутко, но очень красиво... Какие бравые молодцы и какие они вежливые! Просто прелесть. Camal bəy (qabağa gedib.). Пожалуйте, мадам, не бойтесь! Madam. С радостью подхожу к Вам. Я часто мечтала бывать в гостях у благородных разбойников. Настал желанный случай. Camal bəy. Şahmar! Yapıncıları sər yerə, tez ol! Şahmar bəy sərir. Camal bəy. Садитесь, будьте дорогими гостями нашими. (Əyləşirlər.) Şahmar! Qaç, o xüşkəbərdən bir az al gətir, kağız içində, ləyaqətli, qoy qonaqların qabağına. Şahmar qaçır. Mühəndis. Скажите, пожалуйста, правда ли в вашей шайке есть и женщины? Camal bəy. Есть и женщины! Madam. Ради бога, где же они? Нам интересно их видеть... Camal bəy (iki dəfə, üç dəfə fit verir) – Сейчас они явятся. Bir az kesmiş Zinyət xanım, Səadət xanım, çiyinlərində tüfəng, əllərində ağacları gəlirlər. Camal bəy. Вот это моя жена, а это дочь, 18 лет. К сожалению по русски не говорят. Madam (Səadətə zənn ilə baxır). Взгляд сурово, смелый! Одно восхищение!.. И! Сама то писанная красавица!.. Об этой встрече я буду разговаривать везде и всюду. Mühəndis. Да, действительно восхитательная красавица. Madam. Разреши мне, красавица, подарить на память это кольцо, но с тем, чтобы и ты дала что-нибудь на память. Camal bəy. Qızım! Bu göyçək xanım bu üzüyü sənə yadigar verir və səndən yadigar üçün bir şey istəyir... Səadət xanım. Məndə bir elə layiq şey yoxdur xanıma verməyə. Hərgah qəbul etsə, bir dənə boş patron verim, onun gülləsi ilə dağda mən kəklik vurmuşam... Camal bəy. Она говарит, что для подарка на память у нее нет ничего достойного вас, но а если примете, она даст одну гильзу от патрона, коим она застрелила на горах в лесу куропатку. Madam. Клянусь Вам, что лучшего подарка для меня трудно было бы и придумать. За такой чудный подарок позвольте мне, красавица, поцелавать Вас. (Öpür.) Şahmar bəy xüşkəbər gətirir, qoyur qonaqların qabağına. Camal bəy. Что же, милые гости, угошайтесь при моих условиях, я хорошим шашлыком да вином угостил бы Вас. Mühəndis. Лучше мы с собой возьмем, если, конечно, вы позволите. Madam. Я по одной штуке буду раздавать знакомым и буду рассказывать откуда они. Camal bəy. Şahmar! Get orada cəm olan qonaqlardan bir neçəsini gətir buraya. Uşaqlara da de gəlsinlər... Şahmar bəy gedir. Я скоро освобожу моих арестантов с извинением за причиненные беспокойства. Mühəndis. Все хорошо, что хорошо кончится. Особенно беспокойства не было, хотя я страшно испугался, только не за себя. Cahangir bəy, yoldaşları və bir neçə nəfər tutulanlar gəlirlər. Camal bəy. Bizi bağışlayınız ki, sizi bir neçə vax’t yoldan qoyduq, bizim qəsdimiz yol kəsib adam soymaq deyildi... Mən istərdim ki, camaatımız, həm hökumət bilsinlər ki, naçalnik Sərdarov ölkəni qarışdırır bir-birinə, tək mənfəətləri üçün və bu qəsdlə məni həbsxanaya göndərmək istədi, mən tabe olmadım, qaçaq düşdüm, vəssalam. Quldur mən deyiləm, Sərdarovdur öz dostları ilə... Biri şərir İsmayıl bəy, piyaniska İbrahim bəy, biri lotu-bambılı Soltan bəy və qeyriləri... Mən yoldaşlarıma tapşırmışdım ki, soyğuntu olmasın. Hərgah sizlərdən bir şey alıblarsa, təvəqqe edərəm mənə deyəsiniz. Furqonçu. Mənim furqonumdan bir qədər mal götürmüşdülər, ancaq qiymətini verdilər, Allah razı olsun. Camal bəy. Çox yaxşı... Ta kimdən nə alıblar? Arabaçı. Mən bir az Naxçıvan duzu bağışlamışam, olar da mənə iki qutu papiros verdilər. Cavan oğlan. Mənim tüfəngimi almışdılar, qaytardılar, amma qırx patronumu saxladılar. Camal bəy. Eybi yoxdur... Əşrəf bəydən alarsan... Cavan oğlan. Canım da qurbandır sizə... Qırx patron nə böyük işdir? Camal bəy. Прошу Вас сказать: когда Вас останавливали не взяли у вас чего? Mühəndis. Только испугали, а взять ничего не взяли. Madam. Я даже не испугалась, потому что все три кричали “не бойтесь”. Camal bəy. Я блогадаря тому, что не мог выдержать беззаконного отношения ко мне уездного начальника Сардарова, вынужден был сделаться беглецом... Сегодняшний мой поступок совершен исключительно для того, чтобы Вы довели до сведения высшей власти, что Сардаров служит не для порядка, не для обеспечения личной и имущественной безопасности вверенного ему населния, а в союзе с беками создает анархию для ограблния народа. Надеюсь, что Вы исполните эту мою просьбу. Mühəndis. Я даю Вам честное слово, что сейчас же по приходе в город напишу громовую статью не только в местные, но и в столичные газету. Смешаю с грязью вашего врага Сардарова и его авторитет, Исмаил бека, Ибрагим бека, Султан бека и другие. Madam. А я даю слово, куда бы я не поехала, с кем не встретилась, везде и всюду сообшить, что я слышала и видела здесь. Camal bəy. Надеюсь на Вас и прощаюсь с Вами. Желаю Вам счастливого пути. Ay uşaqlar, siz də bizi bağışlayın, Allah yaxşı yol versin! Bismillah! Gedək. Gedirlər. Madam. Миша... посмотри какие бравые молодцы, что красота... Pərdə * * * Beşinci məclis Vaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır. Pirverdi (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar... Hacı Qurban (ayağa qalxıb). Çox xoş gəliblər, gözlərim üstə gəliblər! Pirverdi, lampanı götür get qabaqlarına. Ay uşaq, siz də itləri bağlayınız, tez, tez... Ev-eşiyim onlara qurban. (Hacı özü də gedir.) Hacı Qurban (qıraqda). Pirverdi, necə oldu, itləri bağladınızmı? Çağırınız, tövlənin ağzını bağlayınız, tezcə ha... Pirverdi (əlində lampa). Balaca xanım! Bəridən gəl, dərdin alım... Camal bəy (qıraqda). Allah qonağı istərsiniz, ay hacı? Hacı Qurban. Allaha da qurban olum, onun sizin kimi əziz qonaqlarına da... Buyurun, başınıza dönüm, buyurun, qadanızı alım... Ay uşaq, ay! O qara qoyunu kəsin, tez... Hacı Qurban, Camal bəy və yoldaşları daxil olurlar. Camal bəy. Qoyun-zad lazım deyil. Hacı, biz sənə yarımca saat qonağıq. Yolumuz uzaqdır, artıq qala bilməyəcəyik... Hacı Qurban. Hələ bircə əyləşin, qoyun kəsilər, sonra işə baxarıq. Xanımlar, çox heyif olsun ki, siz bir qeyri məqamda mənim bu komama təşrif gətirməmisiniz. Neyləyim, neyləyim?.. Camal bəy, and olsun o duz-çörəyə, xanımları mən bu halda görəndə ağlamağım tutur... Neyləyim, neyləyim, Allah səbəbin evini tar-mar eləsin, yurdunu dağıtsın. Camal bəy. Əlacım yox idi, hacı... Öyrənmişdim, öz haqqımda nalayiq söz eşitməyə tab edə bilmədim, o da düşmən qabağında... İndi naəlac qalıb, vətəndən və yoldaşlarımdan ayrılıb, balalarımın əllərindən tutub, baş götürüb bu vilayətdən gedirəm, vidaya gəlmişəm, səninlə görüşüb yola düşəm, gedəm. Hacı Qurban. Təzə bir qorxulu iş olubdur məgər? Şükür Allaha olsun ki, naçalnikin boynuna vurub salıblar yola... Daha nə üçün vətəndən ayrılmaq istəyirsən, mən bilmirəm. Camal bəy. Bilirəm, görmüşəm, hacı, təzə gələn Sərdarovdan da yaman olacaq, düşmən ölməyib... Hacı... Onlar qorxularından olmayan işləri mənim üstümə atıblar... Cəza dəstələri, kazaklar əhalini təngə gətiriblər, mən bais olmuşam, qala bilmirəm. Hacı, getmək lazımdır. Camaat yazıqdır, amma yoldaşlarımın adı çəkilmir, onlar qala bilərlər... Bir də hacı, insaf deyil onları vətəndən ayırmaq. Çiçəkli dağlardan, soyuq bulaqlardan necə ayırmaq olar? Mənim əlacım yoxdur, ayrılıram. Cahangir bəy. Camal bəy, buyurursunuz bizim adımız divan hüzurunda çəkilməyib. Bağışlayın, yalandır, belə deyil... Qapılarını kəsib, əlimdə xəncər pul tələb etdiyim adamlar yəqin ki, yetiriblər yerinə. Belə olmamış da olsa, mən bir yol canımı Şahmar bəyə qurban demişəm. Ölmək var, dönmək yoxdur... Siz hara, mən də ora, nə qədər canım sağdır... Xəlil. Ağa, bir tikə vaxtımızdan məni, İldırımı çörəkləyib saxlayıbsınız öz balan kimi. İndi çölə atmağı xahiş edirsiniz, yox, yox, öldürsən yaxşıdır, nəinki atıb getsən. İldırım. Ayrı şey mən bilmirəm; köç iti kimi düşəcəyəm dalınıza. Ha vurun ki, qayıdacağam. Atam yox, anam yox, bir tək canımdır, o da sizə qurban, sən mənə atalıq etmisən, mən necə səndən ayrılım?.. Bəkir. Hacı! Mənim ev-eşiyimi tar-mar ediblər, var-yoxumu dağıdıblar, qalmışam quru yurdda. Bu halımda gedim hankı namərdə qısılım? Sizin kimi, Camal bəy, qəhrəmanın qabağında ölmək yaxşıdır, nəinki binamus, namərd adamların üzünü görmək. Hacı Qurban. Yaşasın belə oğlanlar, belə yoldaşlar... Afərin! Analarınızın südü sizə halal olsun, balalar... Afərin. Maşallah!.. Pirverdi. Hacı! Bu cavanlar belə danışırlar ki, az qalıb mən də Gülçöhrəni boşayıb, qoşulam bunlara. Yaşasın belə oğlanlar! Hacı Qurban. Camal bəy, görünür ki, siz doğrudan da gedəcəksiniz. Belə olanda bilirsiz, qadan alım, nə var?.. Qürbət vilayətdə sizi tanıyanadək, bir işə yapışanadək sizə pul lazım olacaq. (Cibindən dəsmalı çıxarıb verir Camal bəyə.) Camal bəy. Hacı! Sən bizə o qədər xəcalət verdin ki, mən ölənə qədər onun altından çıxa bilməyəcəyəm. Hacı! Pulu qoy dursun yerində, qəbul edə bilmərəm. Hacı Qurban. Camal bəy, vallah-billah, and içirəm, mən dövləti sənin sayəndə qazanmışam. Necə qəbul edə bilməzsən? Gərək qəbul edəsən. Camal bəy. Genə təvəqqe edirəm, hacı, lazım deyil, zəhmət çəkmə, qəbul edə bilmərəm. Pirverdi (pulu alıb). Ver bura! Mən özüm də gedirəm, Arazın yolunu məndən yaxşı bilən yoxdur, olmaz... O tayda yaxın dostlarım da var. Cahıllıqda mən də qaçaq olmuşam... Hacı Qurban. Get, Pirverdi, sən də get, bunları bir yaxşı yerdə rahat edib, gələrsən. Pirverdi. Buradan çıxıb o gorbagor Əliqulu xanın kəndinin yanından ötüb, hər yerdə dağ ətəyi, sabah axşama, Allah qoysa, Arazın qırağına çatarıq... İşdir, yolda bizə rast gələn oldu, başımda əmmamə, başlayacağam minacatı, guya çavuşam, Kərbəlayı müallaya züvvar aparıram. Gülüşürlər. Hacı Qurban (Pirverdiyə). Gör, qoyun necə oldu? Özün də hazırlaş. (Pirverdi gedir.) Camal bəy. Allah Pirverdidən razı olsun, o bir yol bizi ölümdən qurtardı, indi də ki bizimlə getmək istəyir. İnşallah, mənzilə salamat çatarıq. Hacı Qurban. Pirverdi dünyada tək yaranıbdır. Mən bir belə etibarlı, dəyanətli, təmiz, qoçaq insan görməmişəm, ona görə də heç bir işdə ona müzayiqə yoxdur... Cahangir bəy. Mən görmüşəm o necə əjdahadır, mənim əlimdə tüfəng, onun belində xəncər, məni yaxın qoymadı ki, qoymadı. O kişi on adama cavab verər... onun bizimlə getməyi çox yaxşı olardı. Şahmar bəy. Hacı, mümkün olaydı sənin və Pirverdinin xəcalətindən çıxa bileydik, qorxuram əlac olmaya. Hacı Qurban. Allah qoysa qayıdarsınız vətənə, heç fikir etməyiniz. Bəkir. And olsun Allaha, yola bələd olandan sonra elə bir ayağım burada olacaq. Belə yaxşılığı unutmaq olar?.. Bir də düşmənə gərək əvəz edəm, etməsəm bağrım çatlar. Pirverdi (gəlir, başında əmmamə, əlində bayraq). Mən hazıram, kabab yeməyə macal yoxdur, ət götürmüşəm... Bizim xaraba qalmış uyezdi gərək gecə ötək. Camal bəy (ayağa durub). Hacı! Ölüm-itimdir, bəlkə nəsib olmadı, bir də görüşmədik. Bizi halal elə! (Qucaqlayır.) Hacı Qurban. Heç fikir etməyin, var-yoxumdan çıxıb ölənədək çalışacağam, arxayın gedin... (Kişilər ilə qucaqlaşır.) Camal bəy. Bismillah-rəhmanir-rəhim! (Gedirlər.) Bəkir. (qıraqda bayatı üstündə) – Mən köçürəm, yurdum qalır viranə, Viranə yurduma bax, ondan ağla! Hərdən-birdən məni salıb yadına, Xərabə yurduma bax, ondan ağla! Ürəyim dərdlidir, sinəm yaralı, Gözəl vətənimdən ayrılıram. Ciyərim odludur, nəfəs qaralı, Gözüyaşlı yarımdan ayrılıram. Hacı Qurban ağlayır. Pərdə * * * == Təzə əsrin ibtidası == Təzə əsrin ibtidası (Qəziyyə, 4 pərdədə) Əfradi-əhli-məclis Hacı Osman – qırx yaşında mülkədar, əkinçi Gülpəri – onun arvadı, otuz beş yaşında Tamaşa – qulluqçu, on dörd yaşında Cavad bəy – qırx yaşında Səlim bəy – otuz beş yaşında Məcid, Qurban, Rəcəb – əkinçilər Vəli – qoca kişi * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Hacı Osmanın kənd evində, otaq sadə cahazlanmış, altı kürsü və bir miz, Hacı Osman başında yekə papaq, kürsü üstündə əyləşib... Gülpəri qolları çirməkli daxil olur. Hacı Osman. Yaxın gəl görüm, ay arvad! Evimin sütunu, evimin direyi, gəl yanımda əyləş görüm, kefin necədir? Dinim, imanım arvad! Cah-calalım arvad! Gülpəri. Bəri bax görüm, ay kişi! Bu gün sənə nə olubdur? Nə danışırsan? Çoxdanmı görüşməmişik? Ta nə deyim sənə? Hacı Osman. Acığın tutmasın, arvad! Evimin bərəkəti... evimin şamı-çirağı. Gülpəri. Qoca kişisən, otur yerində, Allah xatirinə! Kefin gəlməsin bircə! Hacı Osman. Yer üzündə bərabərin yoxdur, ay arvad! Heç bilmirsən sən necə arvadsan, Mikayılın anası, “qədri-zər zərgar şünasəd”. Malım, dövlətim... Gülpəri. Ta bəsdir! Uzun eləmə! Gör nə deyirəm... Hacı Osman. De görüm nə istəyirsən, malım, dövlətim arvad! Gülpəri. Çoban Vəli kişi gəlib səni görmək istəyir, elə bilir ki, yatmısan. Bir-iki pud yağ gətirib, üç də motal... Yağı qoymuşam əriməyə, motalları da duzlayıb qoydum anbara. Hacı Osman. Çox yaxşı, çox gözəl... Vəli kişi gəlsin görüm, işlərimiz nə haldadır. Gülpəri gedir, Vəli başında motal papaq, əlində çomaq, çiynində yapıncı daxil olur. Vəli. Salam əleyküm. Hacı Osman. Əleykəssalam, yaxın gəl görüm, a kişi, necə varsan? Kefin necədir? Uşaqların necədir? Əyləş, söylə görüm, yaylağa nə təhər getdin, nə təhər gəldin? Vəli (əyləşib). Nə təhər gedəcəkdim?.. Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı... Yağışlıq oldu, yerdə toz da olmadı. Rahatca yetişdik yaylağa. Ancaq bir neçə qoyun axsadı, onları da yüklədim eşşəklərə, apardım getdim... Cavad bəy (qıraqdan). Hacı, gəlmək olar? Hacı Osman (Cavad bəyin qabağına çıxıb). Buyurunuz, qadan alım, buyurunuz! Vəli kişi də gəlibdir, onunla da görüşərsən... Cavad bəy (daxil olub). Ya Allah, Vəli kişi! Kefin, damağın! Necəsən, a kişi? Çoxdandır səni görmürəm... Uşaqların necədir? Salamətdirlərmi? Vəli. Çox sağ ol, dərdin alım, Cavad bəy! Çox sağ ol! Şəfaətin artıq olsun. Hacı Osman. Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? Cavad bəy. Vəli kişinin qoçaq olmasına söz yoxdur... Ancaq bunu belə eşitmişəm ki, guya Məhəmməd kişinin qızı bəzi ovqat onu əzməçələyir... Vəli. Kimi? Məni? Ağzı nədir!.. O günləri qoyunları sağmağa bir az gec çıxmışdı ki, başın üçün, Cavad bəy, yanbızına dəyənəyi belə yapışdırdım ki, küçük kimi zingildədi. Cavad bəy. A kişi, dəlisən nəsən? Məgər bilmirsən ki, işlər dəyişib, indi arvada güldən ağır söz demək olmaz?.. Yaxşı ki, bu sözü yanımızda dedin, yoxsa, vallah, axırını edərdilər. Vəli. Nə deyirsən a başına dönüm, Cavad bəy? Arvad mənim deyil? Döyərəm də, söyərəm də könlünü alıb barışaram da, kimə nə borc? Kimin nə ixtiyarı var mənnən arvadımın arasına girsin. Cavad bəy. Olmaz, Vəli kişi, olmaz! İndiki hökumət elə deyil, xatalıdır, özünü işə salarsan, sərhesab ol! Vəli. Nə xatası olacaq, a başına dönüm?.. Deyirəm: arvad mənimdir, döymüşəm, qurtardı getdi, ta məni asmayacaqlar ki! Hacı Osman. Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? Vəli. A başına dönüm, nə çoxdur yağ, süd, qatıq, ayran yesinlər dama dönsünlər. Ta artıq onlara nə lazımdır? Ayda bir dəfə də keçidən, qoyundan kəsib yesinlər, dövlətindən köpəklərin də, çobanların da kefləri kökdür, nə qədər desən kökdür. Hacı Osman. Bəri bax, Vəli, Qaraqoyunludan gələn köpəklər necə şeylərdir? Vəli. Başın üçün, hacı, o Qaraqoyunludan gələn köpəklər özgə şeylərdir; belə köpəklər heç yerdə görünməyib. Qanıq, Pələş, Əlləş, Buzdar, Çənbər, Qarabaş, Alabaş... ta nə ərz eləyim?.. Hamısına can qurban eləməlidir. O günləri gecə gördüm köpəklər ulaşırlar. Fit verdim getdilər; yaxınlaşıb nə gördüm?.. Qanıq minib canavarın belinə, qarpıb boynunun dalından. Pələş! Əlləş! Qurban sizə, qoymayınız!.. Canavarı parçaladılar... Qanıq! Belə sənin tellərini sevim, deyib basdım bağrıma. O saat bir keçini sığırlayıb, kəsib parçaladım, atdım köpəklərin qabağına... Onun balaları olanda, öz balalarım təki saxlayacağam.. Gecələr yatmaq bilmir ki... Heyvan sübhə kimi dolanır sürülərin başına. Qalan köpəkləri də qoymur yatmağa... Bəs belə iti mən necə qucaqlamayım, bağrıma basmayım?.. Hacı Osman. Vəli, yataqlarımız nə haldadır? Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki? Vəli. Milin düzündə qoyun korluq çəkər? Allah abad eləsin, ucu yox, bucağı yox, çək sürünü hara kefin istəyir... Özün də yanını ver yerə, al tütəyi əlinə, vəssalam... Qoyunlar xımırt-xımırt yesinlər, sən də ləzzət apar... Ta nə istəyirsən? Cavad bəy. Yerinə olaydım, ay Vəli, dünyanın qeylü-qalından, dərd və qəmindən bixəbər qardaş. Təmiz havada, Məhəmməd kişinin qızı yanında... Yağ, pendir, qaymaq, süd, qatıq, ayran nə qədər kefindir ye, iç, dünyayi-aləmi alma vecinə... pəh, pəh, pəh, nə gözəl ömürdür, a kişi! Vəli. Doğru deyirsən, a Cavad bəy, belədir ki, belədir. Vallah, belədir. Canın üçün belədir. Cavad bəy. Bəri bax görüm... Neçə yaşın ola bilər?.. Mən ölüm, doğrusunu de. Vəli. Bilmirəm, başına dönüm... Ancaq onu bilirəm ki, bu arvadım doqquzuncudur... Kimisini boşamışam, kimisi ölübdür. Nə bilim, a başına dönüm, neçə yaşım var?.. Sən özgə söhbət başlamısan, Cavad bəy, mənim də yolum uzaqdır... Mən gedirəm... Səlamət qal, hacı. Sən də səlamət qal, a Cavad bəy. Hacı Osman. Xoş gəldin. (Vəli gedir.) Ruzigarın necə keçir, dərdin alım, a Cavad bəy? Çoxdandı səni görmürəm... Dəyirmanını verdin əkinçilərə, yerlərini həmçinin, onda pəs necə dolanırsan? Cavad bəy. Ruzigarım bir növ babat keçir, hacı, bir tək bağnan dolanıram. Mikayıl nə işə məşğuldur? Eşitmişəm Firəngistana getmək istəyir, doğrudurmu? Hacı Osman. Bəli, fikrində var. Ancaq bərk ilişib Hüseynəli xanın qızına. Qızın da məhəbbəti var, amma nə eləyəsən ki, xanın yanında bizim adımızı çəkmək olmur. O saat başlayır ki, mən ayağı çarıqlı, motalpapaq çobanın oğluna qız vermərəm. Onun sözündən mən motal papaqdan, çarıqdan əl çəkəcəyəm... Bundan sonra mən bir cır-cır çəkmə geyə bilmərəm ki. Cavad bəy. Onda sarsaqlayıb xan. Dəvədən yıxılıb höt-hötündən əl çəkmir... Tamam mülklərini əlindən alıblar, tək bircə adı qalıb: Hüseynəli xan, ta nöşün naz-qəmzə eləyir, mən bilmirəm. o qanmır ki, iş təzə başlanıb, bir azdan sonra adı da yaddan çıxacaq. Hacı Osman. O deyir ki, gec-tez mülklərin hamısını qaytaracaqlar. Heç qaytarmasınlar, xanlığımı ki, məndən ala bilməzlər. Basdırığım sağ olsun... Cavad bəy. Xanın başı üçün, bir də o mülkləri görməyəcək. Heç adı da qalmayacaqdır. Başı üçün çox o yan-bu yan eləsə, basdırığı da əlindən gedər. Hacı Osman. Bilirsən, Cavad bəy, xanzadələr bir azğın tayfadır ki, ağızları lazımınca örtülmür. Mikayıl da bir tək oğlan, qalmışam məəttəl. Cavad bəy. Hürməklərinə baxma, əllərindən iş gələn deyillər... Burada xan bircə onu deyə bilər ki, Mikayıl mənim rəiyyətlərimi yoldan çıxarıb, mülk-əmlakımı əlimdən alıbdır, o mənə düşməndir, mən ona qız vermərəm... Amma onu qanmır ki, Mikayılda taxsır yoxdur, zəmanə belə gətirib... Bu barədə o məni müqəssir eləyir... Hacı Osman. Axır ki, çətin işə düşmüşəm... Bilmirəm nə çarə qılım? Cavad bəy. Mən gedərəm bir neçə mötəbər adamlar ilə bərabər cənab xanın qulluği-şərifinə, görək xanın cavabı nə olacaq? Hacı Osman. Nə vaxt buyursan, mən də gedərəm... Cavad bəy. Çox yaxşı, Novruz bayramına yaxın, mən sənə xəbər verərəm, gedərik... Balaca işim var, mən gedim. Hacı Osman. Hara gedirsən? Əyləş, əyləş, dərdin alım... (Çağırır.) Tamaşa, ay qız, bir bəri gəl... Tamaşa gəlir. Hacı Osman. Ay qız, Cavad bəyi görmürsən? Nə üçün xoş gəldin eləmirsən? Tamaşa. Cavad bəyə mənim canım qurban, xoş gəlibdir... Cavad bəy. Hacı, gəlsənə mənimlə Şamamanın arasına girməyəsən... Tamaşa. Cavad bəy, nöşün yadından çıxır, başına dönüm? Mənim adım Ta....ma...şa...dır. Şamama deyil, bildin? Cavad bəy. Neyləyim, ay qız, ay Şabaş, qocalmışam, yadımdan çıxır. Tamaşa. Bax, Cavad bəy, başına dönüm, hər dəfə sən bizə gələndə mən sənə deyirəm: mənim adım Şabaş deyil, Şamama deyil. Mənim adam Tamaşadır... Saxla yadında, neçə dəfə demişəm sənə! Cavad bəy. Çox yaxşı... Tamaşa... Tamaşa... Ta yadımdan çıxmayacaq, arxayın ol... Tamaşa... Tamaşa... Hacı Osman. Qızım, nahara nə bişirirsiz? Tamaşa. Qovurma xəngəl, yanında qatıq sarımsaq. Hacı Osman. Çox yaxşı, hamı yığılanda gəlib deyərsən. Tamaşa. Baş üstə. (Gedir.) Cavad bəy. Hacı, öz aramızdır, qəribə şeydir bu qız. Pəh, pəh, pəh! Hacı Osman. Bu qızı Mikayılın anası beş manat verib qaraçılardan satın alıb, dörd yaşından qızlığa götürüb... Mənə ata deyir, Mikayıla qardaş, Gülpəriyə məmə... İndi on beş yaşındadır, gözəl qızdır. Qıraqda səslər: mən razıyam, biz özümüz də razıyıq, Hacı imanlı kişidir, təmiz adamdır, haqqı qoyub nahaq danışmaz, çox yaxşı, buyurunuz gedək. Səlim bəy, Məcid, Qurban, Rəcəb daxil olurlar. Cəmi. Salam əleküm! Hacı Osman. Əleykəssalam... Gəliniz... Əyləşiniz... Xoş gəlmisiniz. (Əyləşirlər.) Məcid. Çox yaxşı oldu ki, Cavad bəy də burada tapıldı. Hər ikinizdən təvəqqe eləyirik münsif olub, iki işimiz var, onu həll edəsiniz: biri budur ki, Səlim bəy Rəcəbdən əlli pud pambıq tələb eləyir, əlavə hamımızdan köhnədən qalmış bəhrə. Hacı Osman. Rəcəb, qardaşım, Səlim bəy səndən əlli pud pambıq iddia eləyir, cavabın nədir? Rəcəb. Hacı, mən bir kasa qaymaq, iki də zorba kök toyuq əlimdə, getdim Səlim bəyin qulluğuna, yalvardım ki, bəy, sizdən təvəqqe eləyirəm, izin verəsiniz bir parça yerinizdə pambıq əkim. Bəy razı oldu. Mən də pambıq əkdim, bir əlli pud pambığım oldu. Hacı Osman. Siz nə buyurursunuz, qadan alım, Səlim bəy? Səlim bəy. Hacı, özünüzə məlumdur ki, mənim bu kənddə altı yüz çuvallıq yerim vardı. İnqilaba görə o yeri mənim əlimdən aldılar, mənə qalan bir həyətim oldu. Həmin həyətdə Rəcəb pambıq əkdi, beş yüz puddan artıq pambığı oldu. O pambıqdan mən əllicə pud istəyirəm. Cavad bəy. Əmi oğlu, de görüm bir kasa qaymaq, iki toyuq sənə çatıb ya yox? Səlim bəy. Bəli, çatıb nə olsun? Cavad bəy. O olsun ki, sovqatı qəbul edib, o yeri bir illiyə verməlisən Rəcəbə, bitəmənna, vəssalam, ta bu nə pambıq davasıdır? Məcid. İmanım haqqı, Səlim bəy qaymağı çömçələyəndə, toyuqplovu aşıranda heç ağlına da gəlmirdi ki, hələ pambıq da alacaq... Qurban. Bu ilki çəyirtkə tökülüb pambığı yesəydi, yəqin ki, Səlim bəy Rəcəbin yanına gedib heç başsağlığı da verməzdi. (Gülüş.) İndi gəlibdir ki, mən də varam. Səlim bəy. Canım, su mənim, yer mənim, burada bir danışıq ola bilməz ki... Məcid. Bəy, biz müsəlmanıq, şərən cəmi torpaqlar, sular təəllüqdür xudavəndi-aləmə, suya və torpağa sahib ola bilər o kəslər ki, torpaqda zəhmət çəkib, özləri üçün ruzi qazanalar. Müftəxorluq şəriətimizdə yoxdur, bəy, necə ki indiyədək bəylərimiz olub müftəxor, hazırın naziri... Əlavə, təzə qaydaya görə ixtiyar biz əkinçilərə yetişib. Hacı Osman. Rəcəb, bəri bax, qardaşım, deyirəm bəlkə halallıq üçün o pambıqdan az-çox Səlim bəyə verəsən, olarmı? Rəcəb. Bəyin haqqını qabaqcadan vermişəm, qurtarıb gedib... Artıq ta nəyə verim ona? Qurban. Bəy aşkar deyir ki, kasıb düşmüşəm, acam, mənə kömək eləyiniz, vəssalam. Səlim bəy (acıqlı). Qurban, sarsaqlama. Qardaş, mən acımdan ölsəm də, sənin kimi gədəyə ağız açmaram. Ağıllı danış, gör o sözü kimə deyirsən... Cavad bəy. Qurban, elə sözlər lazım deyil, eşidirsənmi? Heç lazım deyil. Səlim bəy. Danışıq kifayətdir... Mənə pambıq da lazım deyil, bəhrə də... Sizdə taxsır yoxdur. Taxsır o təzə yoldaşlardadır: biri Mikayıl, biri bizim Cavad bəy... Kommunistlər!.. Aləmi bir-birinə qarışdıran bunlardır... Hacı Osman. Səlim bəy, səndən çox təvəqqe eləyirəm nə mənim oğlumun, nə Cavad bəyin adını çəkməyəsən, yaxşı iş deyil... Səlim bəy. Hacı, sən məni tanıyırsan ki... Onu da bilirsən ki, adamı darıxdıranda çox yaman işlər ola bilər. Məcid. Yəni adam öldürmək kimi, taya odlamaq kimi, ev yandırmaq kimi?.. Belə buyurursan da, bəy? Elə işlər keçmiş ola. Qadan alım, əgər istəyirsən içimizdə bir növ dolanasan, gərək quzu kimi olasan... Eşidirsənmi? Cavad bəy. Elə işlərin üstündə həmən adamı divara söykəyib, başına güllə çaxarlar, qalar yerində... Səlim bəy. Axırı ölüm deyil? Mən ölümdən qorxan deyiləm... Bacarram haqqımı bulardan alaram, bacarmaram qalsın bulara. Rəcəb. Yazıq oğlanın bəylik iyi burnundan getməyib... Ay yazıq! Qurban. İrəli otur, a bəy. Yıxılarsan, qadan alım... Səlim bəy (gedə-gedə). Eybi yoxdur, görüşərik. (Gedir.) Məcid. Kişilərə zəhmət verdik, durunuz biz də gedək... Cavad bəy, Hacı, səlamət qalınız! Hacı Osman. (cavabən) – Xoş gəldiniz! Gedirlər. Cavad bəy. Bədbəxt, elm yox, sənət yox... Naçar, biçarə... Eşitdin nə dedi: “Adam darıxanda çox yaman işlər görə bilər”. Hazırın nazırlığının axırı belə olar... Ay yazıq... Ay bədbəxt... Tamaşa (daxil olub). Qonaqlar gəldilər. Xəngəl hazırdır, buyura bilərsiniz... Hacı Osman. Cavad bəy, bismillah, buyurunuz gedək. Heç ovqatını təlx eləmə... Dünya işidir. Gedirlər. Pərdə * * * İkinci məclis Əfradi-əhli-məclis Hüseynəli xan – altmış yaşında, saqqalı xınalı Bədircahan bəyim – onun övrəti, qırx beş yaşında Zəhra xanım – onun qızı, on səkkiz yaşında Pərzad – evdə qulluqçu, qırx yaşında Qulam – nökər, cavan oğlan Cavad bəy Hacı Sadıq Mirzə Həbib Əhvalat vaqe olur Hüseynəli xanın evində, otaq Avropa qaydasında cahazlanmış, xan səndəl üstə əyləşib. Xan (tək). Mümkün olan iş deyil... Belə qayda uzaq gedə bilməz, gec-tez işlər öz yolu ilə gedəsidir... Hər bir halda mən möhtac olmayacağam... Ölənədək bir kəsə əl açmayacağam, anam məni mərdanə doğub, mərdanə də qəbrə gedəcəyəm... Hər nə vardı əlimdən getdi, amma nəslimi mən itirməyəcəyəm, heç kəs onu tərk edə bilməz. Ancaq səbr lazımdır, səbr. Qulam (daxil olub). Ağa, bar neçə nəfər sizi görmək istəyir... Nə buyurursunuz? Xan. De gəlsinlər. (Qulam gedir.) Gəlsinlər görək nə işdən ötəri məni yadbud ediblər. Cavad bəy, Hacı Sadıq, Mirzə Həbib içəri daxil olurlar. Hamısı. Xan, salam əleyküm! Xan. Əleykəssalam... Buyurunuz... Əyləşiniz. Əyləşirlər. Mirzə Həbib. Ağa, əhvalınız necədir? Salamatsınız, inşallah! Xan. Bir növ başımızı girləyirik... Özünüz bilirsiniz, ta nə deyim... Hacı Sadıq. Maşallah, gözüm dəyməsin, ağa gündən-günə cahıllaşır... Cavad bəy. Neçə il bundan əqdəm, mən xanı gördüm səmənd atın belində, əlində tərlan, yanında tulalar, siz öləsiz elə bil ki, bir cavan oğlandı... Xan. Doğrudur, bizim Səməd xanın qoruğunda, bir neçə saatda tərlanım altı qırqovul göydə vurdu... Bu ov mənə çox ləzzət verdi. O əsr keçmişdə ola, ta biz onu bir də görmərik. Mirzə Həbib. Tərlan ovu gərək çox şirin olsun, ağa? Hacı Sadıq. Mən eşitmişəm ki, tüfəng ovundan tərlan ovu artıq fərəh gətirən olar... Xan. Bəşərti ki, atın saz, tulaların cins, yaxşı öyrənmiş ola. Mirzə Həbib. Gərək elə belə də olsun, əlbəttə. Hacı Sadıq. Bir-iki yaş buyurursunuz. Xeyr a...a, mən cənabınızdan bəlkə altı yaş böyük olam. Mən bərk qocalmışam, xan, amma siz, maşallah, artıq dərəcədə yaxşı durmusunuz. Xan. A Cavad, eşitmişəm sən də əkinçilərin tərəfdarı olubsan, hətta öz dəyirmanını olara bağışlamısan, doğrudurmu? Cavad bəy. Xeyr, xan, bağışlamamışam, ancaq bir-iki qonşularımı özüm ilə şərik eləmişəm. Amma torpaqlarımı çoxdan vermişəm, yeganə bağım qalıb, vəssalam. Xan. Yaxşı... Pəs nə işdən ötrü buraya təşrif gətirmisiniz? Mirzə Həbib. Xan, Hacı Osmanın bir təkcə oğlu vardır, adı Mikayıl, o, bu il darülfünunda təbabət elmini tamam edib, olub həkim... Biz gəlmişik qulluğunuza o ümidnən ki, bizi buradan məyus geri qaytarmayacaqsınız. Cənabınızdan rica edirik Mikayılı oğulluğa qəbul edəsiniz. Hacı Sadıq. Oğlan Zəhra bəyimlə tələbə yoldaşı olub... Çox mübarək işdir, Allah xeyir versin. Bir ildən sonra Zəhra bəyim də həkim olar, xoşbəxt dolanarlar! Cavad bəy. İki yoldaş hər gün bir yerdə ola-ola, yəqin ki, bir-birinə məhəbbət bağlayıblar, ta burada iki fikir ola bilməz... Allah səlamətlik versin, xoşbəxt olsunlar... Mirzə Həbib. Xan, cənablarınızlan mənim ağa-nökərligimiz otuz ildən artıqdır. Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. Mən həmişə sizə duaçı və xeyirxah olmuşam, mən cəsarət edib sizə məsləhət görürəm bu kari-xeyrdən qaçmayasınız. Axırda peşman olarsınız... Cavad bəy. Xan! And olsun vicdanımıza, bu iş mübarək işdir. Bunu qəbul ediniz, yoxsa axırda peşman olarsınız. Xan. Çox bərk çalışırsınız, buyurunuz görüm, bu işi düzəltməyə Hacı Osman sizə nə qədər vəd edib? Hələ Cavada bilmirəm, motal, yağ, qoyun, bəlkə bir at da vəd edib. Pəs Mirzə Həbib, Hacı Sadıq, o motalpapaq çobandan siz nə alacaqsınız? Cavad bəy. Xan, bağışlayınız nə mən, nə yoldaşlarım rüşvət alan deyilik və siz tərəfdən bizə bu kimi sözlər söylənməsi cəfa və çox biməna hərəkətdir... Təvəqqe eləyirəm, bir azca sərhesab olasınız. Mirzə Həbib. Cavad bəy, sakit ol, ağa bizim böyüyümüzdür. Bizi döyə də bilər, söyə də bilər. Burada xatirə dəyən bir söz olmadı, o sözü xan zarafatyana deyirdi. Xan, qurban sənə, bizim bu işimizə qəti surətdə nə buyurursunuz? Xan. Mən çox təəccüb edirəm, siz necə rəva bilirsiniz, mən, İmamqulu xanın oğlu, Məhəmmədcəfər xanın nəvəsi, qızımı götürüb verəm motalpapaq çobanın oğluna? Hərgah bu işdən ötəri mənim yanıma bir qeyri adamlar gəlsəydilər, onda özgə cürə rəftar edərdim... Keçib... Bu iş çoxdan qurtarıb gedib, mən Səməd xana söz vermişəm qızımı verəm onun oğluna. Səfiquluya, vəssalam. Bilməlisiniz ki, başında motal papaq, ayağında çarıx çoban mənə qohum ola bilməz. Təvəqqe eləyirəm bu barədə artıq danışıq olmasın... Əlavə, bir oğlan ki, rəiyyətlərini öyrədib, yoldan çıxarıb, xanimanımı bərbad edə, mən ona qız verrəm? Nə danışırsınız?.. Cavad bəy. Xan, iltifat ediniz. Həmən başında motal papaq, ayağında çarıx əkinçi, dörd min manat xərc çəkib şəhərdə azarxana təmir edib, adını qoyub “Mikayiliyyə”, füqəralara məccani müalicə edir. Amma mən, bax, bu Mirzə Həbib və Hacı Sadıq getdik Səməd xanın qulluği-şərifinə, kasıb mütəllimələr üçün ianə yığmağa... Səməd xan işdən hali olub, o dəqiqə qarnını ikiəlli qarpıb qışqırdı: amandı, ölürəm, həkim gəlsin... Pul almadıqsa da, xanın qarnına sancı salıb, gülə-gülə getdik... Belə-belə işlər var, xan! Hacı Osmanı neyçün bəyənmirsən? Hacı Osman bir təmiz, rəhmli, fəqir-füqəraya kömək edən kişidir. Hacı Sadıq. Xan, heç qəzəbnak olmayınız, olar sözləşiblər bir-birindən ölənədək ayrılmasınlar. Əcəldən savayı heç bir qüvvə onları ayıra bilməyəcəkdir. Onu yəqin edib, inadlığı qoyunuz yerə, bu işə razılıq veriniz... Bir də, xan, indi işlər özgə cürə olubdur. Qorxunuz ki, qız həyasızlıq etməsin. Xan. Namərbut heyvərələr, rədd olun buradan! Yoxsa sizi döyə-döyə atarlar küçəyə. Heç vaxt Hüseynəli xanın qızı elə biqeyrətliyi eləməz, sən yalan deyirsən. Sürünün buradan! Cavad bəy. Qalxınız ayağa gedək... Görünür ki, xanın başı bu gün bir azca nasazdır. (Gedirlər.) Bədircahan bəyim, Pərzad daxil olurlar. Bədircahan bəyim. A kişi, dəli olubsan nədi? Bunların taxsırı nə idi ki, sən bihörmət elədin? Qonağı da adam bu mərtəbədə bihörmət elərmi? Yoxsa dünyadan bixəbərsən? Pərzad. Xan, qız ağacı qoz ağacı, hər ötən bir salba atar... Məgər mümkün deyildi oları bir xoş dilnən yola salmaq? Xan. Artıq danışmağa mən izin vermirəm... Mənim evimdə çoban adı gərək çəkilməsin, vəssalam. Əlavə mənim xanimanımın bərbad olmağına bais elə o oğlan olub. Bədircahan bəyim. Mən qana bilmirəm, sənin qərəzin nədir? Yoxsa fikrində var, qızı o məqama gətirəsən ya özünü öldürsün, ya ki baş götürüb bu evdən qaçsın?.. Xan. Ayağı çarıqlı çobanları mənə qohum etməkdən isə onun ölməyi çox yaxşıdır. Bədircahan bəyim. A kişi, adam gərək özünü aldatmasın... Bu halda nə xan qalıb, nə bəy, hamı bərabərdi. Çulu quduz xan, bəy azdırmı? Bu zəmanədə xan, bəy o adamdır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. Sənin mülkünü alanda heç o oğlan burada yoxdu, neyçün böhtan deyirsən? Xan. Mən sərdarın dərgahına ərizəsiz daxil olanda sənin Hacı Osmanını nəinki qapıya, hətta töyləyə də qoymazdılar girsin... İndi işlər özgə cürə olub. Eybi yoxdur, qoy olsun. Amma mən genə elə mənəm... Bədircahan bəyim. Elə odur ki, quru yurdda qalmısan da! Pərzad. Ay ağa, heç olmasa, barı o Səfiqulunun adını çəkməyin. O, bir axmaq, çöldə qalmışın biridir, küçələrdə it qovmaqdan suvayı bir sənəti yoxdur. Bədircahan bəyim. Səfiqulu nə itdir ki, qızıma yaxın gələ bilsin, ya adını çəksin... Xan. Qızın ixtiyarı məndədir. Mən bir yol söz vermişəm, qurtarıb gedib. Mən o köhnə qaydaların üstündə ölənədək davam edəcəyəm. Mən çox peşman olmuşam Zəhranı oxutmaqda. Mən mədəniyyət tərəfdarı deyiləm ki, axırda Allahın varlığını da danam. Qoy mənə molla desinlər, məzhəbpərəst desinlər. Ata-baba nə yol qoyub, mən o yolnan gedəcəyəm, vəssalam... Bu yolda ölənədək vuruşacağam. Bədircahan bəyim. Onda izin ver sifariş eləyim Hacı Osmana, bir cift qoç göndərsin, bir cift qara köpək, iki də qızmış nər. Ata-babalarınız təki qoçları döyüşdür, itləri boğuşdur, dəvələri güləşdir. Əyləş səndəl üstə tamaşa elə, olsun ata-baba yolu, vəssalam. Xan. Arvad axırda sən hədyana düzdün, sarsaqladın. Dur gözümün qabağından sürün, yoxsa dişlərini tökərəm, atamın ərvahına. Bədircahan bəyim. Nöşün acığın tutur. Sözüm haqdır, onun üçünmü? Xan. Əstəğfürullah, lənət sənə kor şeytan. Bədircahan bəyim. Yoxsa fikrində var məni basıb döyəsən də? Xan. Sən istehza başlamısan, üstümə gülürsən? Səni döymək olmaz? Canını da almaq olar. Pərzad. O vaxtlar keçib, xan. Əl saxla, heç kimi döymək olmaz, nəinki öldürmək. Səni bir xan elərlər ki, adın yadından çıxar. Xan. Sən nə qələt edirsən, heyvanın balası? Sən kimsən, nəçisən? Nə cürət edirsən? Pərzad. Xan, məni tanımırsan? Otuz ilin qulluqçusunu, Zəhranın dayasını? O sözləri geri götür, xan. Xan. Əstəğfürullah, səni çoxdan tanıyıram. Səni bu evə kim darğa tikib, kim? Pərzad. Mən darğa-zad deyiləm. Ancaq onu bilərəm ki, Zəhranı mən saxlamışam. Gecələr yuxusuz qalıb, səhərə kimi beşiyini yırğalamışam... O ağlayır, mən dözə bilmərəm... O Səfiquluya baxınız! Mənim beş kor qızım olsa, onun birini ona versəm, atama lənət! Xan. Heç kimin ixtiyarı yoxdur bu işə qatışsın... Səsini kəs! Yoxsa dilini yerindən qopardaram! Pərzad. Gör sən necə daş üzlü atasan ki, Zəhra kimi qızı ağlar günə qoymusan. Mənim dilimi qopartmaq olmaz, xan, əl saxla! Bədircahan bəyim. A kişi, bircə insafın olsun... Məgər qızdan soruşmusan ki, qızım, gedirsənmi filankəsə? Xan. Qızı öz başına qoysan, ya zurnaçıya gedər, ya nağaraçıya. Qız ancaq kəbin kəsilən günü gərək bilsin atası onu kimə verir. Köhnə qaydalarımızdan mən əl çəkə bilmərəm, onu biliz!.. Bədircahan bəyim. A qız, get Zəhranı çağır gəlsin bura. Pərzad gedir. Xan. Mən aşkar görürəm ki, siz məni lağlağı etmək istəyirsiniz. Amma bacarmayacaqsınız, heç zəhmət çəkməyin!.. Zəhra bəyim, dalınca Pərzad daxil olur. Zəhra bəyim. Nə buyurursunuz? Xan. Zəhra, doğrudurmu, sən o motalpapaq Hacı Osmanın oğlu Mikayıla söz vermisən, ölənədək ondan ayrılmayacaqsan və əhdi-peymanın üstə möhkəm durmusan? Zəhra bəyim. Ata! Hərgah bu işdə Səfiqulunun adı olmasaydı, bir piyalə zəhər də mənə versəydin, mən onu içərdim. Ata, mən cəsarət edirəm, məni bağışlayınız, mən ölməyə razıyam, amma sənə yalan deməyə yox... Mən o sözü vermişəm... Xan. O sözün üstündə bərk durmusan və duracaqsan da, belədirmi? Zəhra bəyim. Bəli, ata. Xan. Afərin, indi bildim ki, sən mənim halal qızımsan... Mən də söz vermişəm Səməd xana səni verəm onun oğlu Səfiqulu xana və sözümün üstə bərk duracağam. Zəhra bəyim. Ata, qurban olum sənə, Səfiqulunun heç bir tikə savadı yoxdur, sən necə rəva bilirsən məni o heyvana verməyi? Xan. Səfiqulu bisavad olsa da, bizə taydır, əlavə, mən öz sözümdən dönə bilmərəm... Pərzad. Ay xan, ay xan! Səfiqulu vallah, billah, nökərliyə layiq deyil... Xan. Səsini kəs, heyvərənin balası!.. Zəhra bəyim. Ata, həmişə sən mənə əziz balam, təkcə balam deyib bağrına basırdın, hər gün bir neçə dəfə başımı sığallayıb, üzümdən öpürdün... İndi məgər sənin mənə yazığın gəlmir? Bədircahan bəyim. A kişi, Allaha bax, tanrıya bax, ağlın olsun. Belə rəftarı hər kim eşitsə adamın cəmdəyinə tüpürər... Xan. Kəs səsini, danışma. Yoxsa sümüklərini sındıraram... Bir yol söz vermişəm, qurtarıb gedib. Pərzad. And olsun Allaha, bu evə mən bir od vurram, yalavı ərşə çıxar. Səfiqulu nə itdir ki, bu qapıya yaxın gəlsin? Mən Zəhraya süd vermişəm, qızım deyirəm... Ölənədək ona mən analıq edəcəyəm... Qoymaram ki, o bədbəxt olsun... Rəhmətliyin oğlu! Dəvədən yıxılıb, höt-hötündən əl çəkmir... “Xan”... Xan indi zibil, indi zibil. Xan. Ay Pərzad! Qudurma, yoxsa başına müsibət açaram, and olsun atamın ərvahına... Zəhra, mən gedirəm bir işin dalınca... Sən qalacaqsan bu evdə, iş tamam olanadək... Qandın?.. Zəhra bəyim. Ata, sahibsiz yetim qız ilə belə rəftar etməzlər ki, sən mənim ilə edirsən... Səbəbi də budur ki, mən namusuma qısılıb, bihəyalıq etmək istəmirəm... Amma sən məni vadar eləyirsən ki, əmrindən çıxmağa... Ata, Allah xatirinə, məni o məqama gətirməyiniz ki, mən özümü ləkələndirim... Xan. Atamın ərvahına and olsun, bir elə iş olsa, mən o motalpapaqların yurdunu tar-mar elərəm. Sənin fikrin odur ki, mən sözümdən qaçım, desinlər ki, Hüseynəli xan İmamqulu xanın oğlu bir balaca qızın əlində aciz qaldı. Sözünə əməl edə bilmədi?.. (Çağırır.) Qulam! A gədə, bəri gəl! Qulam (gəlib). Nə buyurursunuz, ağa? Xan. Bir-iki gün darvazanı bağlarsan, bu evdən kənara çıxmağa heç kəsi qoymazsan, eşitdinmi? Qulam. Baş üstə... Xan. İndi gəl bəri, kağız yazacağam, onu aparıb verərsən Səməd xana və cavabını da alıb gətirərsən. Gedirlər. Pərzad. Get, dalınca da bir qara daş... Qızım, Zəhra, ta niyə durmusan? Durmaq yeri deyil... Zəhra bəyim. Pərzad nənə, Mikayılın ölümündən qorxmasaydım, çoxdan başıma bir çarə qılardım, neyləyim... Mən o fikrə düşəndə Mikayıl gəlib durur gözümün qabağında. O gic Səfiquludan hər nə desən çıxar... Ana, mən gedirəm xalamın yanına. Cahangir bəy məni saxlar, qoymaz bir kəs mənə yaxın gəlsin... Əlavə, deməzlər ki, xanın qızı qoşuldu qaçdı. Pərzad. Sənin ağlına, qeyrətinə qurban gedim, ay qız... Bədircahan bəyim, sən də dur bir yana qaç. Zəhra bəyim. Pərzad nənə... (Qucaqlayıb ağlayır.) Mən gedirəm... Kişi sənə əziyyət verəcək. Pərzad. Qorxma, canım sənə qurban... Arxayın ol, get... Kişi evdən çıxan kimi gələcəyəm yanına. Durmaq yeri deyil... Bədircahan bəyim, sən də... Ya Allah. (Gedirlər.) Pərzad (tək). Əlisi dəli, vəlisi dəli, it uşağının hamısı dəli. Söz vermişəm Səməd xana... Çox qələt eləmisən. Yekəbaş axmaq!.. Səfiqulu Mikayılı hədələyir... Yazıq qız da eşidib bilmir neyləsin... Qalmışam naçar... İstəyirdi atasının əli ilə Səfiquludan xilas olsun... Kişi də ki, bir gic inadın biri. (Səktə) Allaha pənah!... Xan (daxil olub ətrafa baxır). Zəhranı görmürəm... Bədircahan hansı cəhənnəmə gedib? (Yan otaqlara baxıb.) Pərzad! De görüm Zəhra necə oldu? Karsan, eşitmirsən? Pərzad, nəfəsini kəsərəm, de görüm bunlar necə oldular? Pərzad. Neyçün qışqırırsan? Mən nə bilim hara getdilər. Xan. Pərzad, and olsun İmamqulu xanın qəbrinə, səni iki parça elərəm, doğrusunu de! Pərzad. Xan, yadından çıxıb? Sahibim əlimdən getdi. Balaca tifilim onun dalınca... İyirmi altı yaşında dul qaldım sənin evində, meylimi saldım Zəhraya, bu evdən getmədim... Sən gəlib yıxıldın ayağıma, yalvardın, üstümə xəncər çəkdin... Əlinə nə gəldi?.. Gördün kənd qızında olan namusu?.. O vaxt səndən qorxmayan kənd qızı indi heç qorxmaz... Əlində iyirmi arşın ipək parça, üstündə gümüş toqqa, gəldin yanıma... Axırı necə oldu? Toqqanı vurdum başına, parçanı atdım ocağa... Zəhranı basdım bağrıma, bilmədim dünyada kişi varmı, yoxmu... Mən də əkinçi balasıyam, indi mənə sözün nədir? Xan. Uzun danışdın... Eybi yoxdur... (Çağırır.) Qulam, bəri gəl... Zəhra... Zəhra... Sən mənim əmrimdən çıxdın? Gərək bu papaq mənə qənim olsun, hərgah o yurdu tar-mar etməsəm... Hər nə var, əlimdən gedib. Qoy canım da bad-fənaya getsin... Qulam (daxil olub). Nə buyurursan, ağa? Xan. Gədə, mən sənə demədimmi darvazanı bağla, qoyma bir kəs kənara çıxsın?.. Necə oldu? Mənim əmrimə beləmi əməl edirsən? Qulam. Ağa, başın üçün, mən qıfıl axtarırdım, onda gördüm ki, Zəhra bəyim anası ilə bir yerdə darvazadan çıxdılar... Ta küçədən tutub onları geri qaytara bilməzdim ki, ağa? Xan (Qulama). Sürün, gözümün qabağından!.. (Qulam gedir.) Məlun balaları məlun. Pərzad. Xan, məsləhətə xəyanət yoxdur... Sən gəl özünü rüsvay eləmə. Zəhranı qaytar evinə, xeyir-dua ver getsin istədiyi oğlana. Səfiquluya buyur farağat otursun yerində, ədavət qaldırmasın... Xan. Bu mənim rüsvay olan günümdür, nə danışırsan? (Qışqırır.) Sürün buradan. (Qolundan tutub atır qırağa.) Rədd ol!.. (Pərizad çıxır.) Mənim qızım qoşulub qaçsın?.. Hay!.. Hay!.. Tamam ömrümdə bir kəs görmədim yanımda nəfəs çəkə bilsin, başı dik gəzdim... İndi gör qəza məni nə hala saldı, bu ağarmış başıma gör fələk nə müsibət gətirdi... Vay fələk, mənim qızım qoşulub qaçsın?.. Mənim... qızım... Mənim qızım. (Bihuş yıxılır səndəl üstə.) Pərdə * * * Üçüncü məclis Əhli-məclis Mikayıl – cavan həkim Yusif – darülfünun tələbələri İbrahim – darülfünun tələbələri Ələkbər – darülfünun tələbələri Leyla – darülfünun tələbələri Züleyxa – darülfünun tələbələri Səadət – darülfünun tələbələri Zəhra bəyim Hacı Osman Gülpəri Tamaşa Cavad bəy Əhvalat vaqe olur Mikayıl bəyin mənzilində, novruz bayramının günündə. Otaq Avropa qaydası cahazlanmış, otağın ortasında böyük miz, üstündə ağ süfrə, dövrəsində səndəllər... Mikayıl tək, otaqda gəzinir. Mikayıl. Olmaz axı, gərək xanzadəliyin göstərsin... Saat on birə söz verib, indiyə kimi təşrif gətirməyib. (Səktə.) Tamaşa, ay qız, boşqabları gətirməzsənmi? Gəl də!.. Tamaşa (o biri otaqdan). Qardaş, bu saat gətirim. Mikayıl sürahiləri, kağız torbaların içindəki xüşkəbəri yığır mizin üstünə, Tamaşa boşqabları gətirir. Mikayıl. İndi bilmirəm boşqabları nə qayda ilə düzmək gərək. Barı xanzadə balası tezcə gələydi... Tamaşa. Qardaş, ta nə gərəkdir? Mikayıl. Ta nə gərəkdir, mən də bilmirəm. Qoy Zəhra bəyim gəlsin, o sənə deyər ta nə lazımdır... Tamaşa. Zəhra bəyim gələcək?.. Zəhra bəyimə mənim canım qurban, qardaş. Gəlsənə ta onu qoymayaq evlərinə qayıtmağa, qalsın bizim evdə, nə olar yanı? Mikayıl. Sən Zəhra bəyimi çoxmu istəyirsən? Tamaşa. Mən Zəhra bəyimi dağlarcan, daşlarcan, ta nə bilim nə qədər istəyirəm. Mikayıl. Zəhra bəyim yaxşı qızdırmı, xoşuna gəlirmi? Tamaşa. Başına dönüm, qardaş, gör məndən nə soruşur?.. Heç bir adam vardır ki, Zəhra bəyim onun xoşuna gəlməsin? O günləri çoban Vəli deyirdi ki, Zəhra bəyim bu evə gələndə, bir dəvə gətirib onun ayağının altında qurban kəsəcəyəm... Mikayıl. Çox yaxşı... İndi get gör, nə qalıbsa götür gəl... Tamaşa. Baş üstə. (Gedir.) Mikayıl. Xanım qız gəlsin görüm iş nə haldadır. Xan genə cins-nəsildən dəm vururmu? Saata baxıb, otaqda gəzişir. Zəhra bəyim daxil olur. Mikayıl. Allah, sənə şükür, axırı ki xanım əfəndim təşrif gətirdi. Zəhra bəyim əl verir. Zəhra bəyim. Bayrami-şərifin mübarək, neçə-neçə belə bayramlara çatasan, sağ-salamat, kefin kök. Mikayıl. Səninlə bir yerdə, mənim cigərim, dinim, imanım. (əllərindən tutur.) Neyçün belə gec gəldin? Bilmirsən ki, darıxıram? Zəhra bəyim. Xəlvətcə getdim anamı, Pərzadı təbrik etməyə, ona görə bir az ləngidim. Mikayıl. Nə var, nə yox... İşlər necə keçir? Zəhra bəyim. Kişini inandıra bilmirlər ki, mən qoşulub qaçmamışam... O günləri ürəyi gedib, yıxılıb yerə. Səfiqulu da ki, Allah göstərməsin, olub divanə. Onsuz da bədbəxt oğlu dəli idi, indi lap sarsaqlayıb... Atam ondan betər. Mikayıl. Neyləyim, əzizim, üzüqara olsun... Qurtarmır bizi o köhnə zibildən... Sən də bilmirəm nə səbəbə razı olmursan ki, bu işi birdəfəlik qurtaraq getsin?.. Zəhra bəyim. Mən işi təxirə salıram iki səbəbə görə: əvvəla, qorxuram sənə bir xəta yetirsinlər. İkincisi, istəmirəm ki, desinlər xanın qızı qoşuldu qaçdı. Qoy görək, kişini inandıraq ki, mən qoşulub qaçmamışam. Bir növ razı edə bilərikmi ki, o axmaq Səfiqulu xanı sakit eləsin və mənə xeyir-dua versin. Mikayıl. Zəhra, səni dürüst inandıraram ki, xandan bizə haray olmayacaq. O inadlıq ki, onda var, onu yola gətirmək qeyri-mümkündür... Doğrusu ki, mən darıxıram... Zəhra bəyim. Arxayın ol, darıxma... Tamaşa (qapıdan baxıb qaçır Zəhra bəyimin yanına). Sənəcə qurban olum, ay xanım (qolundan öpür), mən səni qoymayacağam gedəsən... Vallah qoymayacağam... Özün bil, qoymayacağam... Zəhra bəyim (onu öpüb). Bayramın mübarək, ay Tamaşa, yaxşı qız, ağıllı qız... Mən sənə bayramlıq nə verim? Tamaşa. Mən heç zad istəmirəm, ancaq getmə, qal bizim evimizdə. Zəhra bəyim. Baş üstə, getmərəm... Tamaşa qaçır. Mikayıl. Bu boşqabları hara qoyum? Zəhra bəyim. O boşqabların yeri buradır... Bax belə. Sən torbaları boşalt, mən yerbəyer elərəm. Bircə səbr elə... Bu şərbətləri də qoy, mən yer taparam... Amma nə çox şeylər almısan, bu qədər nəyə lazımdır?.. Mikayıl. Mən istərdim, hətta, ürəyimi də çıxarıb bir boşqaba qoyub gətirəydim yanına, deyəydim budur xanım əfəndim, bayramlıq gətirmişəm sənə... Zəhra bəyim. Bu çox qəliz oldusa da, Mikayıl, mən də o boşqabı öpüb basardım bağrıma. Gülpəri (daxil olub). Bizim bu evimiz sənə qurbandır, yaxşı balam. Bayramın mübarək olsun, əziz balam... Zəhra bəyim. Sənin də bayramın mübarək olsun, anacan... Gülpəri. Hər ikinizə qurban olum. Allah sizi öz pənahında saxlasın, bir-birinizdən ayırmasın öz birliyi xatirinə. Mikayıl. Ana, get, bir az pendir-çörək də göndər gəlsin. Gülpəri. Yaxşı, başına dönüm, gedim bu saat göndərim... (Gedir.) Tələbələr oxuya-oxuya yaxınlaşıb içəri daxil olurlar. Cəmən. Bayramınız mübarək! Görüşürlər. İbrahim (mizə yaxınlaşıb). Pəh, pəh, pəh! Nə gözəl süfrə... Zarafat deyil, canım, həkim evidir. Süfrənin başına toplaşıb yeyirlər. Züleyxa. Balam, nə əcəb Yusif burada yoxdur?.. Mən elə xəyal elədim ki, Yusif hamıdan qabaq burada olcaq. Səadət. Leyla, həmişə cift gəzərdin, hanı yoldaşın durna?.. Leyla. Genə başladın, qoymazsan? Zəhra bəyim. Vecinə alma, ay qız... Qoy hər nə istəyir, desin Züleyxa. Yusif Leylanı gözdən qoyarmı?.. Bu saat harada olsa gələcək. Səadət. Yusif qorxur ki, tərlan uçub qaçmasın, özgə yerə qonmasın. Leyla qulaqlarını tutur. Mikayıl. Xanımlar, kim çay istəyir, kim qəhvə!.. İbrahim, Ələkbər, yaxın gəliniz, əyləşiniz... Xanımlar əyləşirlər, oğlanlar adama bir paxlava götürüb kənarda söhbət edirlər. İbrahim (kənarda). Mikayıl, mən bu süfrədə davacat görmürəm, yoxsa hacı evində davacat olmaz? Mikayıl. Davacat yan otaqda... Nə qədər kefiniz istəyir, vura bilərsiniz. Zəhra bəyim (Mikayıla). Tamaşanı çağır gəlsin. Mikayıl. Tamaşa, ay qız, gəl ha... Tamaşa daxil olur Tamaşa (qonaqlara baxıb). Qardaş, bular hamısı müsəlmandırlar?.. Nə göyçək qızlardır! Allah saxlasın buları. Mikayıl. Hamısı müsəlmandırlar. Tamaşa. Bayramınız mübarək olsun, ay xanımlar... Səslər. Sənin də bayramın mübarək olsun Züleyxa. Tamaşa, yaxın gəl, bacım, sən haralısan? Tamaşa. Mən qaraqoyunluyam. Züleyxa. Sənin də qoyunun varmı? Tamaşa. Var, çox var... Atamın dövlətindən niyə olmasın. Mikayıl. Bunun səkkiz keçisi var. İyirmiyə çatanda, bunu verəcəyik bizim çobanın birinə. Tamaşa. Qardaş, bəsdir, sən Allah, mən ərə-zada getməyəcəyəm. Mikayıl. Nöşün getməyəcəksən? Oların hər ikisi göyçək oğlanlardır. Tamaşa. Qadam oların hər ikisinin ağzına... Mikayıl. Eybi yoxdur, getmə... Hazır çay varmı? Tamaşa. Şankalat da var, kanko da, çay da hazırdır. Səadət. Mən şankalat istəyirəm, Tamaşa. Züleyxa. Mən kanko istəyirəm, ay qız. Cəmən. Xa, xa, xa, xa, xa... İbrahim. Mən də bir kasa araq istəyirəm. Tamaşa. Bağışlayınız, bizim evdə araq-maraq tapılmaz. Züleyxa. Araq araqdır, maraq nədir, ay qız? Tamaşa. Maraq da arağın yoldaşıdır. Qaçır. Zəhra bəyim (pəncərədən baxıb). Leyla, qalx bəri gəl, tezcə. (Aparıb royalın yanına.) Əyləş... Qırmızı Azərbaycan marşı... Hm... Tezcə... Leyla marş çalır. Yusif daxil olur. Cəmən. Ura. ura!.. Züleyxa. Leyla, təbrik edirəm... Yaxşı çal. Yusif. Bayramınız mübarək olsun... Neçə belə bayramlara çatasınız... (Bayramlaşırlar.) İbrahim. Yusif, canın üçün elə səni gözləyirdim. Sənsiz ləzzət vermir. Mikayıl (qapıya tərəf gedib). Tamaşa, gəlməzsən? Tez ol. (Tamaşa gəlir, sini üstə şokolad, kakao gətirir...) Zəhra bəyim. Kim nə istəyir? Çay, şokolad... Səadət. Mən şankalad istəyirəm. Züleyxa. Tamaşa, o kankodan bir fincan ver mənə. Leyla. Tamaşa, mən şankalat istəyirəm. Cəmən. Xa, xa, xa, xa, xa, xa... Tamaşa. Qardaş, sən Allah, bu xanımlara de, mənə sataşmasınlar... Mikayıl. Xanımlar, mən sizdən çox təvəqqe eləyirəm bizim qıza sataşmayasınız. Səadət. Tamaşa, mən bilmirəm şankalat yaxşıdır, yoxsa kanko... Tamaşa. Vallah, daha bir də mən buraya gəlməyəcəyəm. (Qaçır.) Cəmən. Xa, xa, xa, xa, xa, xa. İbrahim, Yusif və Ələkbər gedirlər yan otağa. Züleyxa. Mikayıl, Tamaşa qız doğrudan da tamaşadır... Bunu haradan tapmısınız? Belə də gözəl qız olarmı? Biixtiyar adam həsəd aparır... Mikayıl. Bu qızı anam qaraçılardan beş manata, qızlığa götürüb; ona görə də mənə qardaş deyir... Bunu çox yerdən istəyən var, amma anam vermir, deyir hələ uşaqdır... Səadət. Zalım balasının gözləri ceyran gözləri kimi adamı valeh edir. Leyla. Mikayıl, çağır gəlsin onu bir az danışdıraq... Qəribə uşaqdır... Mikayıl. Tamaşa, gəl bura... Tamaşa (yan otaqdan). Qardaş, sənin canın üçün ta bir də mən oraya gəlməyəcəyəm, mənə gülürlər... Mikayıl. Ta gülməyəcəklər, bəri gəl... Tamaşa. Necə gəlim ki, sənin canına and içdim ki, ta gəlməyəcəyəm. Mikayıl. Mənim canıma and içdi, öldürsən də gəlməyəcək. İbrahim, Yusif və Ələkbər gəlirlər. İbrahim (mizə yaxınlaşıb). Zəhra bəyim! Görünür ki, siz burada sahibxanəlik etmisiniz. Bilmək istəyirəm, bu sürahılarda nə var... Mikayıl. Mən ərz eləyirəm ki, bu moruğ şərbətidir, bu albalı, bu da zoğal. İbrahim. Arqadaşlar, doldurunuz piyalələri. Leyla. Zəhra, sahibxanəlik elə, tök hər kim nə istəyir... Zəhra bəyim. Baş üstə... Kim nədən istəyir? (Zəhra bəyim doldurur piyalələri) Moruqdan, zoğaldan? Mən albalıdan istəyirəm. İbrahim (qalxıb ayağa). Bir neçə kəlmə sözüm var, izin veriniz. Səslər. Buyurunuz!.. İbrahim. Arqadaşlar, yer üzünün behişti hesab olunan bizim Azərbaycan çox dövlətli, sərvətli məmləkətdir... Gülzar yaylaqlar, soyuq bulaqlar, meyvəli meşələr, bağlar varımızdır. Muğan çölü, Milin düzü, Şirvan səhrası kimi qara torpaqlarımız, Kür kimi çayımız, içi dolu şahmahilər, qızıl balıqlar, qurtarmaz neft, tükənməz biyan, cürəbəcür mədənlər varımızdır. Belə sərvətdən istifadə etməməyə səbəb nə olubdur? Səbəb: olmayıbdır elmi-tərbiyə, elmi-sənaye. Kim bais olub bu müsibətə? Nikalayların siyasəti, ruhanilərimizin təsiri... Qalmışdıq qaranlıqda, mədəniyyətdən məhrum... Hal-hazırda, şükürlər olsun, Şura hökumətinin dövlətindən bu saat Avropada yüzlərcə elm oxuyan yoldaşlarımız var. Yaşasın yoldaşlar, bayramları mübarək olsun! Cəmən. Afərin, afərin, yaşasın!.. Züleyxa. Ələkbər paxlavanın hamısını yedi qurtardı, bizə qalmadı. Ələkbər. Sənin əlini tutan yoxdur ki! Sən də ye. Mikayıl (boşqabı alıb verir xanımlara). Qalanı sizindir... Yeyirlər, söhbət edirlər. Yusif. İzin istəyirəm. Səslər. Buyurunuz!.. Yusif. Mədəniyyətə mane olanlar, həmd olsun, fot olub getdilər. Azərbaycanda ali məktəblər açıldı, yüzlərcə elm təhsil edən tələbələr əmələ gəldi. Kimdir mədəniyyəti bu div qədəmi ilə irəli aparan? Məlumdur ki, Şura hökuməti. Yaşasın belə hökumət, yaşasın ali məktəblərin tələbələri! Səslər. Afərin, afərin, yaşasın! Züleyxa. Yusifdən sonra, Leyla, növbə sənindir. Başla, balam. Leyla. Baş üstə. Mədəniyyət yolunda çalışan qocalarımız da var, biri yazı ilə, biri dili ilə. Onların cəhalət, nadanlıq ilə mübarizəsi, vaxtında çox çətin olub. Onlara bidin, biiman deyiblər. Hətta öldürmək də istəyiblər. Amma onlar meydandan qaçmayıblar. Yaşasın bizim qoca rəhnümalarımız! Səslər. Yaşasın, yaşasın! Sən də yaşa, Leyla xanım!.. Zəhra bəyim. Səadət, qalx ayağa, görüm sən nə deyirsən? Səadət. Baş üstə. Yoldaşlar, Azərbaycan sərvətli olmağına görə avropalılar ac qurd kimi gözlərin dikiblər bizim torpağa. Bizim xam mallarımızı aparıb, əndazəsin dəyişib, geri gətirib, bizim özü-müzə artıq qiymətə satıb, qanımızı sorub aparırdılar. Nə etmək lazımdır ki, biz onlara möhtac olmayaq? Olsaq da, bu mərtəbədə yox. Ondan ötrü bizə elmi-sənaye lazımdır. O da ki, şükür olsun, əmələ gəlib. Məktəblər açılıb, yaşasın maarif komissarı və elmi-sənayedə oxuyan cavanlarımız! Cəmən. Yaşasın! Tamaşa qapıda durub Mikayılı çağırır. Mikayıl onun yanına gedib qayıdır. Mikayıl. Atam Hacı Osman və Cavad bəy buraya gəlmək istəyirlər, olarmı? Səslər. Buyursunlar, çox xoşdur. Mikayıl (qapıya yaxınlaşıb). Ata, buyura bilərsiniz... Hacı Osman, Cavad bəy daxil olurlar, qonaqlar qalxırlar ayağa. Cavad bəy və Hacı Osman. Zəhmət nöşün çəkirsiniz, əyləşüz. Əyləşirlər. Hacı Osman. Bayrami-şərifiniz mübarək, Allah sizi həmişə səlamət eləsin. Çox-çox belə bayramlara çatasınız. Səslər. Sizin də bayramınız mübarəkdir! Hacı Osman. Balalar, əziz balalar! Mən sizə bayramlıq nə verim? Hər nə istəsəniz verəcəyəm. İbrahim. Hacı, biz üç bayram edəcəyik, yoldaşlarımız da çoxdur, özümüz də gəzməyə gedəcəyik, iki yüz nəfər tələbə. Hacı Osman. Çox yaxşı, belə olanda mən sizə beş qoyun verərəm, kəsib kabab elərsiniz. Səslər. Sağ olun, Hacı! Ələkbər. Hacı, üzüqaralıq eləyirəm, bağışlayınız! Hacı Osman. Heç utanma, sözünü de. De qadan alım, sözünü de... Mən bir sadə adamam, varın verən inciməz. Utanma, sözünü de... Ələkbər. Bu süfrədəki pendir özgə cürə şeydir. Hacı Osman. Bildim nə istəyirsiniz... Motal. Baş üstə, bir motal da verdim. Zəhra bəyim. Hacı əmi, bizim darülfünunda üç yüzdən artıq tələbə var, onların içində kasıbları çoxdur. Hacı Osman. Pul... Nə qədər verim, qızım, pul?.. De, qorxma, de... Nər kimi durmuşam, de... Sənin qadanı alım, məndən incimə... Atanın acığına verəcəyəm... Məxfi səslər: çox istə, ay qız, çox istə. Zəhra bəyim. Hacı əmi, beş yüz manat necədir, çox deyil ki? Hacı Osman. Bax, belə mənim bu gözlərim üstə. Sabah gəl apar et, əziz balam. Cavad bəy (ayağa qalxıb). İzin istəyirəm. Səslər. Buyurunuz, buyurunuz!.. Cavad bəy. Əziz balalar, hər bir insanın ömründə iki təsəllisi var: biri ümid – gələcəyin yaxşı olmağına, biri yuxu. Həmçinin hər bir millətin yenə də iki təsəllisi var: biri elm oxuyan cavanlardır, biri də yuxu. Elm oxuyan cavanlar olmayanda, qalar xalqa bir təsəlli – yuxu. Xatalı yuxu, xalqı bəlalara düçar edən yuxu... On il bundan əqdəm, camaatımız xatalı yuxuda olan zaman, ünas məktəbinə uşaq cəm etmək üçün mən dilənçi kimi qapılara düşüb yalvarırdım. Kişilərdən nalayıq, avam sözlər eşidib, olardan ümidimi kəsib, arvadlara yalvarırdım. Axırda küçələrdən yetim qızları tutub məktəbə toplayanda, elə bilirdim ki, dünyayi-aləmi mənə verdilər. Hal-hazırda, şükürlər olsun, hara baxırsan məktəb. Kəndlərdə, şəhərlərdə... Sizin bu ittifaqınızı görüb, tələbə qızları, oğlanları bir yerdə, keçmiş halımızı yada salıb, mən aciz qalmışam, söz tapmıram öz şadlığımı sizə bəyan edim. Səslər. Yaşasın, yaşasın! Cavad bəy. Əziz balalar! Xalqımızın ümidi balalar! Nicat sizin əlinizdədir, qoymayınız camaatımız zülmətdə qalıb, ayaq altında tapdalansınlar. Səslər. Afərin, afərin, yaşasın Cavad bəy! Yaşa, sox yaşa! Cavad bəy (əyləşib). Hacı, biz gedək, cavanları darıxdırmayaq... Balalar, səlamət qalınız. Səslər. Xoş gəldiniz! (Gedirlər.) Zəhra bəyim. Ta bəsdir, qalxınız ayağa, bu gün bayram günüdür. Leyla, başla... Kim nə istəyir çal... “Dərbəndi”, “Azərbaycan”, “Brilyant”, “Mustafa Kamal”, “Tamara”... İbrahim. Əvvəl ev sahibi başlasın, Mikayıl, gəl görək. Zəhra sən də... Bir yerdə... Əl vurunuz... Leyla, “Dərbəndi”... Leyla çalır, Mikayıl və Zəhra bəyim oynayırlar. Cəmən. Yaşa, yaşa! İbrahim. Ələkbər, Səadət xanım! Ya Allah! Əl vurunuz... “Brilyant”... Ələkbər ilə Səadət oynayırlar. Zəhra bəyim. İndi mən çalaram, Leyla gəl bəri, Yusif, başla görək. Zəhra bəyim çalır, Leyla ilə Yusif oynayırlar. Cəmən. Ura, ura, ura!.. İbrahim. Zəhra, çal “Mustafa Kamal”. Səadət xanım, gəl... İndi növbə bizimdir. Əl vuruz... Oynayırlar. Pərdə * * * Dördüncü məclis Əfradi-əhli-məclis Hüsenyəli xan Bədircahan bəyim Qulam. Cavad bəy Mirzə Həbib Hacı Sadıq Leyla xanım Züleyxa xanım Yusif. İbrahim Vəli kişi Vaqe olur Hüseynəli xanın otağında. Xan və Bədircahan bəyim əyləşiblər səndəli üstündə. Bədircahan bəyim. Allah sənin insafını kəssin, kişi! Yazıq qızı o məqama gətirdin ki, evdən qoyub qaçdı, gecə-gündüz gözlərindən yaş tökür... Xan. Atasının əmrindən çıxan qıza hələ o da azdır. Elə qızın boğazına çatı salıb öldürmək də olar. Bədircahan bəyim. Səndə insan sifəti bilmərrə yoxdur. Sən cəlladsan. Sən kiminlə əlləşirsən, de görüm? Bacarmazsan kişi, bu zaman o zaman deyil... Farağat otur yerində, yoxsa bəlaya düşərsən... Xan (acıqlı). Çox qudurma, arvad. Atamın ərvahına and olsun, Zəhranın acığını səndən alaram... Bədircahan bəyim. Vurram, öldürrəm, basaram, kəsərəm, boğaram... Bundan savay sən tamam ömründə hələ bir şey qanmamısan... Elə sözləri bəlkə Nikalay zamanında deyə bilərdin, indi nəfəsini də çəkə bilməzsən. Xan. Əstəğfürullah! Lənət sənə kor şeytan ha! Arvad, səsini kəsməzsən? Bədircahan bəyim. A kişi, bircə ağlın, insafın olsun, yazıq balam səndən ancaq xeyir-dua gözləyir, sözün nədir? Xan. O məni dost-aşnalar yanında, qohum-əqrəba arasında rüsvay elədi, Allah ona lənət eləsin. Bədircahan bəyim. Allah sənin özünə lənət eləsin ki, o təhər qızı vadar elədin qoşulub qaçmağa... Dünyayi-aləmi qarışdırdın bir-birinə... Camaatı bizə güldürdün, başı aşağı elədin, heç nahaq yerə... Genə də lənət sənə... Xan. Arvad, bəsdir. Arvad, sən ki məni yaxşı tanıyırsan, bilirsən ki, bir yol hirsim vurdu başıma, əlimə düşəni parçalaram... Səsini kəs... Bədircahan bəyim. Ciyərim odlanır, nəfsim darıxır, danışmaya bilmərəm... Zəhradan əl çəkək, a kişi, Allaha bax. Bir belə inadlıq olmaz ki, sən eləyirsən... Zəhra əvvəl-axır bir oğlana gedəcəkdi, ya yox? Axı Səfiqulu Mikayılın əlinə su tökməyə layiq deyil... Xan. Səfiqulu mənə taydır, çoban oğlu mənə tay ola bilməz!.. Onunla qohum olandan sonra ayağı çarıxlı əqrəbası gələcəklər qulluği-şərifinə... Əyləşəcəklər yuxarı başda. Sən özünü ona tay edə bilərsənmi? Sən nahaq yerə zəhmət çəkirsən, arvad. Cəmi qohum-əqrəba, dost-aşnalar töküldülər üstümə, yalvardılar, qoymadılar məni o motalpapaq çobanın yurdunu tar-mar edəm... Qulam (daxil olub). Ağa, bir neçə nəfər gəlibdir, sizi görmək istəyirlər. Xan. Gəlsinlər... A arvad, sən dur buradan get... Bədircahan bəyim gedir. Cavad bəy, Mirzə Həbib, Hacı Sadıq, Vəli kişi, tələbələr: İbrahim, Yusif, Züleyxa, Leyla daxil olurlar. Cəmən. Salam əleyküm! Xan. Əleykümməssalam! Cavad bəy, genə nə olubdu məgər? Yoxsa eşitmişsiniz ki, mənim mülk-maşımı əlimdən alıblar və tamam təmiratlarımı əlimdən çıxarırlar, ona görə gəlmişsiniz mənə başsağlığı verməyə? Mirzə Həbib. Şükür Allaha, sizə nə olubdur ki, başsağlığı verək? Canın sağ olsun... Xan. Bəs nə işdən ötəri təşrif gətirmişsiniz? Cavad bəy. Xan, cənabınıza məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. Biməna, nahaq yerə... Bu biməna ədavətin yox olmağı bağlıdır cənabınıza... Bir dəfə buyursanız ki, iş qurtarıb. Sakit olsun, şək yoxdur, cəfakarlığa yer qalmaz... Bu barədə səndən rica edirik... Mirzə Həbib. Xan, ədavətin davam etməyi hər iki tərəfə ziyandır. Bir də iş qurtarıb gedib... Nə lazım olub işi uzatmaq?.. İbrahim. Biz səkkiz nəfər tələbə “Mikayilliyyə” azarxanasında işləyirik. Çifayda, o həkim ki biz onun rəhbərliyində elm oxuyuruq, Səfiqulu xan onun haqqında böyük cəbr və cəfakarlıq edir... Hətta o dərəcədədir ki, öz azarxanasına gəlib-gedə bilmir... O günləri bir azarlını təşrif edən zaman bir yekə daş atdılar, o daş pəncərəni sındırıb dəydi Zəhra bəyimin çiyninə. Yaxşı ki, başına dəymədi... Yoxsa böyük xəta ola bilərdi... Cənabınızdan rica edirik, belə xətalardan bizi xilas edəsiniz... Ta ki biz rahat öz işimizə məşğul ola bilək... Vəli. Xan ağa, mən Hacı Osmanın çobanıyam... Neçə gün bundan irəli Səfiqulu xan öz dəstəsi ilə gəlib, basqın eləyib bir çobanımızı yaralayıbdır... Əlli, altmış qoyunumuzu qırıb gedibdir. Vallah, bir elə köpəyimizi öldürüblər ki, o köpəyin əvəzində olardan üç-dördünü qırsaydıq, genə ürəyimiz dincəlməzdi... İş belə getsə, o köpəyin qanını biz yerdə qoymayacağıq... Xan. Səsini kəs, heyvərə! Baxınız, belə heyvanlar ilə qızım məni qohum eləyib... Hacı Sadıq (Vəliyə). A kişi, dəlisən, nədir, otur yeridə, axmaq... Mirzə Həbib. Çoban ki, çoban... Belə vücuddan artıq nə gözləmək olardı?.. Axmağın biri... Leyla xanım. Xan, cəmi bəşər, nəbatat, heyvanat arasında şəfqətsiz bir təbii qanun var: biri mübarizə əmridir, biri övladın baqi qalması uğrunda mübarizə və buna bağlı övlada biixtiyar məhəbbət... Bu qanuna görə siz Zəhra bəyimi sevməlisiniz, sevirsiniz və heç bir halda o məhəbbətdən əl çəkə bilməzsiniz... Nə qədər acıqlı olasınız, genə o qanunun altından qaça bilməzsiniz. Ölənədək: Zəhra, qızım, – deyib bağrınıza basacaqsınız. Belə olan surətdə çağırınız Zəhra bəyimi, ona xeyir-dua veriniz, Allah da sizdən razı olsun... Bununla bərabər ədavəti də aralıqdan götürünüz... Yusif. Xan! Dünyada həkimanə, insana layiq rəftarın əvvəlinci şərti güzəşt etməkdir. Belə olmasa, xan, dünyada daş-daş üstə qalmazdı. Aləm bir-birinə düşmən olardı... Bizim yoldaşlar Mikayıl, Zəhra bəyim namünasib iş görməyiblər... Günah sahibi deyillər. Ona görə rica edirik ki, siz də həkimanə, şəfaətli olub köhnə işlərdən əl çəkib, güzəşt edəsiniz... Züleyxa. Xan, insanın qiyməti onun əməlinə görədir... Xan, bağışlayasınız, Səfiqulu xanın halından, işlərindən müxbir olduq, belə qət elədik ki, onun qiyməti ikicə quruş da deyil... O ki qaldı Mikayıla, ona qiymət qoymaq olmaz... O gecə-gündüz azarxanada fəqir-füqəraya müalicə edib, bimənzur zəhmət çəkir... Xan, Şah Təhmasib babamızın zamanı keçib, güzəşt ediniz... Ədavəti puç ediniz... Mikayıl ilə bərabər azarxanada çalışanların biri də Zəhra bəyimdir... Onun xatirinə dəymək günahdır... Xan. Bu balaca xanımın buyurmağına görə, mən köhnələr cümləsində oldum. Haqdır. Bizim ərənlərimizdən bizə irsdir: bir söz ki, ağzımızdan çıxdı, qurtardı getdi. O sözdən qaçmaq, ya o sözü dəyişmək ola bilməz... Səməd xana mən söz vermişdim ki, qızım Zəhranı verəcəyəm onun oğlu Səfiqulu xana... Zəhra mənim əmrimdən çıxıb getdi, bir qeyri oğlana yoldaş oldu. Ona görə ta o mənim evimə qayıda bilməz. Doğrudur, var-yoxum əldən gedib, amma nəslim itməyib və itə də bilməz. Məni öldürmək olar, həbsdə çürütmək olar, amma adımı dəyişmək olmaz. Cavad bəy. Xan, eşitdiniz bu balaca xanımların nitqlərini? Beş-altı il bundan əqdəm mümkün olardımı bir belə məqam, bir belə halət? Xeyr, ağla da gəlməzdi... Bu nədir bəs? Nə əlamətdir? Buna təzə əsr deyirlər... Xan, Şərq oyanıb... Qara buluddək asimanda bərq şəfəqilə, göy gurultusu ilə nərə çəkib irəli gedir... Dayanmaz! O yerişi dayandırmaq mümkün olmayacaq. Nə xan, nə bəy, nə dərviş, nə seyid, nə molla, nə qazi, nə müctəhid, nə padşah... Əkinçi qardaşlar min ildən artıq zülmətdə, cəbr altında qalıb. İndi inqilabdan sonra gözlərini açıb, ixtiyarların qanıblar... İşçilər bədəstur elə... Oların gələcək yolları işıq, parlaqdır... Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq... Xan, qoy köhnələr yansınlar, batsınlar... Cavanlarımız ayıq olub, çox yaşasınlar. Sazəndələr, qurban sizə, marş!.. Səhnənin dalında marş çalınır, cift-cift gedirlər. Xan (tək). Qızım Zəhra, təzə əsr məni məğlub etdi. Gəl! Gəl, qızım, gəl ayaqlarından öpüm... Gəl... Taxsırımdan keç... Gəl, balam, gəl, əziz balam... (Bihuş yıxılır səndəli üstünə.) Pərdə * * * == Pul düşkünü Hacı Fərəc == Pul düşkünü Hacı Fərəc (Məzhəkə, 4 məclisdə) Əfradi-əhli-məclis Zinyət xanım – mərhum Ağa Heydərin övrəti, iyirmi beş yaşında, Avropa libasında Yusif – onun oğlu, səkkiz yaşında Güldəstə – Yusifin dayəsi, otuz iki yaşında Hacı Fərəc Hacı Ziyad oğlu – altmış yaşında, Ağa Heydərin böyük qardaşı Kərbəlayı Rəcəb – Ağa Heydərin qoca nökəri. Balaqardaş – Hacı Fərəcin bacısı oğlu, otuz yaşında. Rzaqulu – otuz üç yaşında. Hacı Əli – qırx altı yaşında. Ağa Qurban – tacir, qırx səkkiz yaşında. Kərbəlayı Qulam – qırx yaşında. Mahmud bəy – məhkəmə vəkili, cavan oğlan. Pristav İbrahim bəy. * * * Əvvəlinci məclis Əhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə. Kərbəlayı Rəcəb. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram. Güldəstə. Rəcəb əmi doğrudan da çox təmiz adamdır, amma yazıq bir azca bədbəxt olubdur. Bunun yeddi ildir ki, arvadı ölüb, qalıb yalqız. Tikəni yox, bişirəni yox, günü keçir narahat. Zinyət xanım. Dünyada nə çoxdur arvad. Birini alsın, tikəni də olsun, bişirəni də... Burada bir çətin iş yoxdur ki. Güldəstə. Mən də çox deyirəm, Rəcəb əmi, yazıqsan get bir Allah bəndəsi al gətir, ömrün xoş keçsin. Elə deyir səbr elə, Güldəstə, səbr elə, vaxtı var. Bilmirəm vaxtı haçan olacaq? Zinyət xanım. Ta burada bir səbr yeri yoxdur, ömür keçir, gün keçir, yeddi il də səbr olarmı? Kərbəlayı Rəcəb. Xanım, doğrudur, ömür keçir, gün keçir, ancaq mənim bir gözləməm var. O olmasa idi, çoxdan evlənmişdim. Bir kişi var, o gərək ölə, ondan sonra mən də onun arvadını alam... O zalım oğlu zalım ölmür ki, ölmür... Öldürməyə də gücüm çatmır... Yeddi ildir ki, elə baxa-baxa qalmışam... Zinyət xanım. Yox, kərbəlayı! Necə ki, görürəm, elə baxa-baxa qəbrə gedəcəksən. Çünki nə bilmək olar kim öləcək, kim qalacaq? Kərbəlayı Rəcəb. Allah qoysa o kişi öləcək, mən qalacağam. Çünki mən gündə üç dəfə namaz qılıb, Allaha yalvarıram. Bir gün olar ki, Allah mənim duamı eşidər. Zinyət xanım. Yazıq kişi, yeddi ildir namaz qılıb, gözləyir!.. Görəsən o arvad necə şeydir ki, kişini çöllərə salıb?.. Güldəstə, sən o arvadı tanıyırsanmı? Güldəstə. Xeyr, tanımıram. Ancaq o gərək ya usta Xəlilin arvadı olsun, ya da ki iranlı var, onun arvadı. Kərbəlayı Rəcəb. A xanım! Güldəstə özü yaxşı bilir ki, mən nə usta Xəlili tanıyıram, nə də İran əhlindən bir kəsi... Güldəstə iz itirir, vəssalam. Zinyət xanım. Bəri bax, kərbəlayı, bircə mənə de görüm sən o arvad ilə heç görüşüb danışmısanmı? Yoxsa elə uzaqdan-uzağa ona aşiq-məşuq olmusan? Kərbəlayı Rəcəb. Doğrusunu ərz eləyim, xanım, mən o arvadlan açıq danışmağa cürət etməmişəm, çünki o çox yaman adamdır, yaxın durası canavar deyil... Ancaq eyhaminən qandırmışam, o zalım balası da həmişə mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb-qarışdırıb, cavab da verməyə aciz qalmışam. Güldəstə. O arvad səni istəmirsə, kərbəlayı əmi, acığın tutmasın, namaz sənə kömək etməyəcək. İstəyirsən gündə üç dəfə namaz qılma, sübhdən axşamadək, axşamdan sübhədək başını möhürə döy, ondan bir şey çıxmayacaq. Kərbəlayı Rəcəb. Mən ancaq onu bilirəm ki, arvad nə qədər daş ürəkli olsa, onu yola gətirmək olar. Güldəstə. Atam! Puldan pulun yox, maldan malın, özün qoca, şücaət də ki Allaha şükür, göz qabağında... Buyur görək daş ürəkli arvadı nə tövr yola gətirə bilərsən ki, o gəlib sənə arvad olsun? Kərbəlayı Rəcəb. Mümkündür, Güldəstə, mümkündür. Belə bax, yıxılarsan arvadın ayağına, ağlarsan, yalvararsan, arvad nə qədər daş ürəkli də olmuş olsa, axır yumşalar. Zinyət xanım. Sən ki bunu bilirsən, kərbəlayı, bəs nöşün durmusan? Get yıxıl arvadın ayağına, yalvar, yapış ətəyindən, o da ərindən boşansın, gəlsin sənə, qurtardı getdi. Burada çətin iş yoxdur ki. Güldəstə. Kərbəlayı əmi, sən gəl çaşma! O arvad elə arvad olar ki, sən onun ayağına yıxılanda təpənə bir yumruq çaxar, beynin yerindən oynar, gijləşərsən... Xasiyyətin bilməyən atın dalına keçməzlər, əmican! Kərbəlayı Rəcəb. Mən indiyə kimi elə o yumruqdan qorxub, ümidimi bir tək namaza bağlamışam da... Zinyət xanım. Kərbəlayı! Xatırına dəyməsin, bişüursan, vallah bişüursan, yoxsa çoxdan işi qurtarmışdın getmişdi... Kərbəlayı Rəcəb. Mən bişüuram?! Hay, hay! Xeyr a, xeyra, səhviniz var, mənə xanım “hüşt” desəniz, mən quş kimi uçaram. Nə buyurursunuz?.. Zinyət xanım. Çox yaxşı, indi ki sən belə qoçaqsan, “hüşt”! Uç göyə görüm necə uçursan? “Hüşt”, “hüşt”! Xa, xa, xa, xa, xa!.. Yox, kərbəlayı, olmadı. Güldəstə. Allahın yolun düz gedə bilmir, göyə uçmağı qalmışdı... Kərbəlayı əmi, uçaydın ay y... Zəng vurulur. Kərbəlayı Rəcəb (gedə-gedə). Mənim ahu-naləm bir gün səni tutacaq, Güldəstə! Vallah, billah tutacaq, görərsən! Saxla yadında. Zinyət xanım. “Mənim ahu-naləm bir gün səni tutacaq, Güldəstə!” Bu özgə söz oldu... Bəs iş belə imiş? Hə? Qocaya yeddi il namaz qıldıran cənabınız olub, hə? Hə??? Çox yaxşı, indi buyur görüm bu necə işdir? Güldəstə. Nə iş ola bilər, kərbəlayının gijliyi... Deyir sənin kimi bir yoldaşım olsaydı, gecə-gündüz pərvanə kimi başına fırlanardım. Nökər kimi qulluq elərdim... Mən də özümü o yerdə qoymayıram ki, guya qanmıram o nə deyir. Axırda qışqırır: Güldəstə! Sən ki, arifsən, nöşün qanmırsan mən nə deyirəm? Budur aramızda olan söhbət. Hacı Fərəc (qıraqdan). Kərbəlayı! Mən bu gün neçə nəfər adam çağırtmışam, gələcəklər, sən dur qapıda, gələn olsa qabaqca mənə məlum elə. (Zinyət xanım qaçır.) Kərbəlayı Rəcəb. Baş üstə, hacı, daqladsız heç kimi buraxmaram. Hacı Fərəc (daxil olub). Güldəstə, qızım, necəsiniz, salamatsınızmı? Necə dolanırsınız? Güldəstə (üzü yaşmaqlı). Şəfaətiniz artıq olsun. Nöşün, hacı, yaman dolanmırıq. Hacı Fərəc. Zinyət xanım necədir, xiffət eləmir ki? Güldəstə. Necə ki, xiffət eləmir? Gecə-gündüz ağlayır. Elə sahibindən sonra, yəqin ki, ağlayacaq. Hacı Fərəc (ucadan). Güldəstə! Sən bir ağıllı arvadsan, xatırın Zinyət xanımın yanında əzizdir. Sən gərək qoymayasan onu nəinki ağlamağa, hətta fikir-xiffət eləməyə. Mənim də borcumdur sənə artıq-artıq mehribanlıq edib, əlimdən gələn yaxşılığı müzayiqə etməyəm. Güldəstə. Şəfaətiniz artıq olsun, hacı, əlbəttə, mənim borcumdur. Nə demək istər... Hacı Fərəc (əyləşib). Ola bilərmi zəhmət çəkib Zinyət xanımı çağırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var, gərək onunla danışam. Güldəstə. Hacı! Zinyət xanım naxoşlayıb. Yazığı bir başağrısı tutubdur ki, tərpənməyə taqəti yoxdur. Bu yan otaqda yatır. Hacı Fərəc (ucadan). Şəhərdə nə qədər həkim var, mən bu saat hamısını tökərəm bura. Necə ola bilər ki, Zinyət xanımın başı ağrısın, mən də rahat əyləşim yerimdə? Elə iş ola bilməz. Hər tərəfə fayton göndərərəm, həkimlərin hamısını yığaram. (Qalxır getməyə.) Güldəstə. Zəhmət çəkməyiniz, hacı, bir azdan sonra başağrısı çəkilib gedər. Bu əvvəlincə dəfə deyil. Bir balaca ki, ağladı, o saat başağrısı əmələ gəlir. Hacı Fərəc (ucadan). Güldəstə, and olsun getdiyim Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, atamın ərvahına, Zinyət xanımın rahatlığı və səlamətliyi üçün mən canımdan, malımdan keçərəm. Zinyət xanım məgər kimdir və kimin yadigarıdır? Güldəstə. Allah sizdən razı olsun, hacı. Zinyət xanımın da sizdən sivayı bir kəsi yoxdur. Əlbəttə, siz gərək onun fikrini çəkəsiniz. Hacı Fərəc. Əlbəttə, əlbəttə! Mənim borcumdur... Bəri bax, Güldəstə, bu kağızın arasında bir qədər pul var. Apar Zinyət xanım qoysun sandığa, lazım olduqca xərcləsin. Güldəstə. Necə ki mən bilirəm, evdə pul çoxdur. Hacı, yəqin ki, bu pulları Zinyət xanım almayacaq. Çünki siz xahiş edirsiniz, baş üstə, aparram. (Pulu alıb gedir.) Hacı Fərəc (tək). Zinyət xanım! Sən özlüyündə mənə lazım deyilsən, amma sənsiz də bir belə dövlət ələ gəlməz. Həmin o sərmayədir məni dəli-divanə edib, rahat qoymayan. Zarafat deyil, dörd dəst iki-üç mərtəbə evlər, səkkiz dükan, altı yerdə bağlar, hamam... Cəmi banklarda nəqd pullar... Özünü yığışdır, Hacı Fərəc! Zinyət xanıma müştəri çoxalacaq, yatma, sərhesab ol, kişi! Yoxsa arvad əldən çıxar, dövlət keçər yad əlinə, evin yıxılar, yaman günə qalarsan, genə başlarsan qoyun dərisi satmağa. Güldəstə (qayıdıb). Zinyət xanım ərz eləyir ki, Allah hacını bizə çox görməsin, Allah onun ömrünü uzun eləsin, nə qədər o var, mən hər bir işdən arxayın olacağam. Təvəqqe edirəm ki, hər nə qədər pul vüsul olsa, hacı versin banka... Bu saat evə pul lazım deyil. (Pulu qaytarır.) Hacı Fərəc (ucadan). Haqq sözdür, bərəkallah Zinyət xanım. Mədaxil gəldikcə verəcəyəm banka, (yavaşca) qızım, bəlkə sənin özünə pul lazım ola?.. And olsun Beytə, atamın ərvahına, müzayiqə olmayacaqdır ha!.. Güldəstə. Şəfaətiniz artıq olsun, hacı... Çox razıyam, Allah sizdən razı olsun. Hələ ki, mənə pul lazım deyil, lazım olsa, ərz elərəm. Kərbəlayı Rəcəb (daxil olub). Hacı! Hacı Əli gəlibdir... Sizi görmək istəyir... Güldəstə qaçır. Hacı Fərəc. Buyursun, buyursun! Kərbəlayı Rəcəb gedir. Hacı Əli (daxil olub). Salam əleyküm. Hacı Fərəc. Əleyküm salam! Hacı, sən çox xoş gəlmisən, səfa gətirmisən. Buyur, qadan alım, bax burada əyləş. Hacı Əli. Hacı, sənin kefin, damağın?.. Necəsən, kişi? Əhvalın necədir? Maşalla, göz dəyməsin, cahıllaşmısan, hacı! Hacı Fərəc. Xeyr a... a!.. Harda ki... İş çoxdur, hacı, gecə-gündüz əlləşirəm. Axırı nə çxacaq, bilmirəm. Hacı Əli. Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyil... Nə əcəb, hacı qardaş, məni yada salmısan? Hacı Fərəc. Sizə o dükanlar barəsində zəhmət vermişəm, icarə vaxtından xeyli keçib, təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar. Hacı Əli. Xeyr, xeyr, hacı, səhviniz var. Mənim hələ iki il vaxtım var. Ancaq, çünki mən burada olmamışam, İrana getmişdim, bir il yarımın haqqı çatmayıb. Hacı Fərəc. Ola bilər ki, mən səhv etmişəm, bağışlayın. Ancaq hacı qardaş, çünki bu saat bizə pul çox lazımdır, ona görə sizdən təvəqqe edirəm mənə kömək edəsiniz. Hacı Əli. Borcumdur, icarə pulu eyləyir 28 min manat. Gətirmişəm, buyurunuz sayınız. Min-min toplamışam saymaq asan olsun. Hacı Fərəc pulu sayır, Hacı Əli divardakı şəkillərə baxır. Hacı Fərəc. Düzdür... Allah sizdən razı olsun. Buyurun, bu da sizin qəbziniz Hacı Əli. Bəndəyə görə ta bir qeyri qulluğunuz varsa, buyura bilərsiniz, hacı. Hacı Fərəc. Çox sağ oluz, hacı, elə bu pulları ki verdiniz, bu özü mənim üçün bir böyük mərhəmət oldu. Hacı Əli. Onda izin verin getməyə. Hacı Fərəc. Buyura bilərsiniz, qadan alım. Hacı Əli gedir. Hacı Fərəc (tək). İyirmi səkkiz min manat ağızda deyilər. Belə-belə pul gəldikcə gözlərimə işıq gəlir. Çiynimdə qanlı qoyun dərisi satmaqdan təngə gəlmişdim. İndi gün-gündən gümrahlanıb dönürəm bir cavan oğlana... Yusif səkkiz yaşındadır, o gəlib yetişənədək mən yükümü tutaram. Ancaq Zinyət xanım gərək bu evdən çıxmasın, mənim yoldaşlığımı qəbul etsin. Yoxsa quru yurdda qalaram. Cahü cəlal əldən gedər. Huşyar olmaq gərək... Müşkülgüşa puldur, pul! Pulun belə mən qadasın alım. Kərbəlayı Rəcəb (daxil olub). Hacı! Kərbəlayı Qulam gəlib sizi görmək istəyir. Hacı Fərəc. Burax gəlsin. (Kərbəlayı Rəcəb gedir.) Gəlsin görək qaraçı oğlu qaraçı nə pəstaha açacaq... Kərbəlayı Qulam (daxil olub). Hacı, sənin sabahın xeyir, günortan xeyir, axşamın xeyir, bu vaxtın xeyir, sonra salam əleyküm! Hacı Fərəc. Əleyküm salam, kərbəlayı. Buyur əyləş. Əyləş görək, nə var, nə yox? Kərbəlayı Qulam. Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin hamamı mənim icarəmdədir. Ağa Heydər naxoş olmağına görə icarə pulu ona çatmayıb. Mənim hesabıma görə sizə verəcəyim əvvəl-axır altı min manatdır. Çünki hamamın günbəzi uçmuşdu, mən böyük xərc qoyub onu təmir etmişəm. Hacı Fərəc. Mən günbəz-mümbəz bilmirəm, qardaş. İcarə pulu iyirmi dörd min manatdır. Burada artıq danışıq ola bilməz. Çox təvəqqe eləyirəm, başağrısı verməyəsən. Kərbəlayı Qulam. Qurban sənə, hacı, yetimin bir o qədər pulu ki, cənabınızın cibişdanına təşrif aparır, başağrısı bir böyük əziyyət deyil... Sən gəl o pulların ondan birini ver mənə, ondan sonra götür bir zorba çomağı, vur başımı parçala... hmmm... Necədir? Razısanmı? Hacı Fərəc. Vodə! Sarsaq-sarsaq danışma! Pulları gətir bəri, get işləməyinin dalınca. Axmaq! Kərbəlayı Qulam. Hacı, gəlsənə bir sevda vuraq, nə lazımdır məhkəməyə çapmaq; o iyirmi dörd min manatdan yarısı mənim olsun, yarısını da sən qoy cibişdanına, qoca kişisən... hm?.. Necədir? Yaxşı sevda deyilmi, hacı? Hacı Fərəc. Bu nə təklifdir sən mənə eləyirsən? Məgər sən müsəlman deyilsən? Əgər müsəlmansan, gərək Allahın hökmündən xəbərdar olasan. Məgər bilmirsən ki, xudavəndi-aləm öz Qurani-şərifində yetimlər barəsində nə buyurubdur. “Vəla təkilü əmvaləküm, ila əmvaləküm”. Yəni, yetimin malını öz malınıza məxlut edib yeməyin. “İnnəhü hübən kəbirə”. Yəni, yetimin malını yemək böyük olan günahdır. Qardaşım kərbəlayı, yoxsa fikrin məni cəhənnəm odunda yandırmaqdır? Eyib olsun sənə kərbəlayı! Kərbəlayı Qulam. Ay hacı, ay hacı! Sən get Quran ayəsini elə adama gətir ki, səni tanıyan olmaya. Biz ki, Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam? Hacı Fərəc. Əstəğfürullah! Lənət sənə, kor şeytan ha! Vodə, sənin canın mənim əlimdədir ki! Sıxaram, axır suyun damar... İstəyirsənmi müqaviləni pozub, səndən iki yüz min manat cərimə alım, hə? İstəyirsənmi?.. Kərbəlayı Qulam. İndi ki, belə oldu, hacı, hər nə əlindən gəlir, müzayiqə eləmə... Məhkəmədə danışarıq. Mənə də Kərbəlayı Qulam deyərlər, hacı. And olsun Allaha pəsəgin çıxardaram. Hacı Fərəc. Mən hamamı sənin əlində qoysam, bu papağım mənə haram olsun. Dur, bu saat sürün gözümün qabağından! Dur, rədd ol, heyvərə! Kərbəlayı Qulam (gedə-gedə). Buyurursunuz günbəz-mümbəz bilmərəm, həəə? Çox yaxşı, çox əcəb... Məhkəmədə baxarıq. (Gedir.) Hacı Fərəc (tək). Bihəyanın təklifinə baxuz... Gör kimə tələ qurmaq istəyir? Fərəcə! Sənin kimi vücudları mən çaya susuz apararam, susuz gətirərəm, cənab Qulam... Kərbəlayı Rəcəb (daxil olur). Hacı! Tacir Ağa Qurban çoxdandır gözləyir... Hacı Fərəc. Buyursun, buyursun... Bu yaxşı adamdır. Ağa Qurban (daxil olub). Salam əleyküm, hacı! Hacı Fərəc. Əleyküm salam, Ağa Qurban! Sən çox xoş gəlmisən, səfa gətirmisən, buyur əyləş, qadan alım. Bax, burada əyləş. Ağa Qurban (əyləşib). Hacı, nə əcəb məni yad etmisiniz, nə işdən ötrü? Hacı Fərəc (əlində dörd veksil). Sizin dörd təməssükünüz var, o barədə sizə zəhmət vermişəm... Məhkəməyə hesabat verəcəyəm, ona görə... Ağa Qurban. O təməssükləri ki, pul təməssükləridir, hacı qardaş. Çünki o vaxt borcum var idi və tələbkarlar hazırlaşmışdılar evlərimi satmağa, mən o təməssükləri verdim mərhum Ağa Heydərə ki, evlər satılanda, o da girsin torqa, öz haqqını alsın, sonra versin mənə. Torq baş tutmadı, tələbkarlarlan düzəlişdik, evlər satılmadı. Təməssüklər qaldı Ağa Heydərə. Mən ondan təvəqqe elədim təməssükləri cırıb atsın, o da söz verdi... Görünür ki, təməssükləri tələf etməyib, yəqin ki, yadından çıxıb. Yoxsa mərhum etibarlı vücud idi. Hacı Fərəc. Ağa Qurban! Mən qəyyumam, qardaş, bu təməssüklər, əvvəla, Ağa Heydərin kitablarında yazılıb, məlumdur ki, siz buyuran təməssüklərdən deyil. Bir də məhkəmə məmuru bu təməssükləri siyahıya salıb, mənə tapşırıb; mənim borcumdur təməssükləri göndərim nataryusa protestə... Yoxsa məni işə salarlar. Ağa Qurban. Eybi yoxdur, göndər! Hərgah istəyirsən Ağa Heydəri şüğlüzümə edəsən, yüz iyirmi min manatı məndən al zorən... Mən öyrənmiş canam... Hacı Fərəc. Əlacım yoxdur, qardaş, neyləyim? Necə mən iki yerdə yazılmış təməssükləri gizlədim? Ağa Qurban. İndiyə qədər mənim təməssüklərim protestə getməyib. Ümidim var ki, hacı, siz də elə iş etməyəcəksiniz. Xudahafiz! Mən getdim... Hacı Fərəc. Xoş gəldiniz... Bir neçə gün gözləyəcəyəm... Sonra təməssüklər öz yolu ilə gedəcək... Ağa Qurban gedir. Hacı Fərəc (tək). Sərkar Ağa Qurban tacir bir rəml idi atdı, sonra gördü ki, xeyr, tutmadı, bitmədi. Protestdən qorxub, pulu tamam-kamal gətirib verəcək... Bu təməssüklərin varlığın bilən yox və heç bir yerdə yazılmayıb... Dörd yol səkkiz, elər iyirmi. Xeyr, eləyir otuz iki min manat, nəqdcə mənim halal malım... Elə tək bu sərmayə mahir əldə böyük sərmayədir. Zinyət xanım sağ olsun, ver dalı gəlsin, gülüm. Güldəstə, Güldəstə, bir bəri çıx görüm, ay qız. Güldəstə (gəlib). Nə buyurursunuz, hacı? Hacı Fərəc. Gəl əyləş, dərdim var, söyləyim... Güldəstə. Sizin nə dərdiniz ola bilər, hacı? Canın səlamət, pul çox, ta dərd nöşün olsun? Hacı Fərəc. Doğrudur, canım səlamətdir, bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki... Güldəstə. Allah eləsin, ay hacı... Xırda xanım necədir, hacı? Nə əcəb o buraya gəlmir? Hacı Fərəc. Xırda xanımı boşadım getdi... Güldəstə. Nə danışırsan, hacı? Otuz beş illik yoldaşı boşadın nədir? Ola bilməz ki, adam birdən-birə yuvasını dağıdıb, uşaqlarını yetim qoya. Hacı Fərəc. Sən bilmirsən, Güldəstə. O arvad otuz beş il məni cəhənnəm oduna yandırıb, qudurmuş it kimi məni dalayıb. Axırı məni təngə gətirdi, boşadım getdi. Güldəstə. Bağışlayınız məni, hacı! Bisəbəb, bigünah beş uşağın anasını at bayıra. axır nainsaf işdir... Hacı Fərəc. Keçmiş ola... Artıq danışmaq lazım deyil. Mən səni qeyri işdən ötrü çağırmışam... Güldəstə. Buyurunuz görüm nə işdir? Hacı Fərəc. Güldəstə! Sən bilirsən ki, Ağa Heydər, yazıq qardaşım böyük dövlət qoyub gedib. O dövlətə görə Zinyət xanıma hər bir tərəfdən müştərilər çıxacaq. Lotu-potu, atasından bixəbər adamlar... Hərgah Zinyət xanım bunların birisinə getsə, dövlət badifənaya gedəcək, bişək, Zinyət xanım, balası Yusif ilə qalacaqlar quru yurdda... Ona görə lazımdır bir təmiz adam, dünyagörmüş, girsin araya, qoymasın bu cahü cəlalı bərbad olmağa. Əlavə, yad adamın bu evə daxil olmağına heç bir zaman mən razı ola bilmərəm. Güldəstə. Sözünüz haqdır, hacı. Ancaq bir az tezdir. Çünki el adətinə görə il tamam olmamış o barədə söhbət ola bilməz Hacı Fərəc. Eybi yoxdur, qalsın, sonra vaxt olar, danışaraq... (Gedir.) Güldəstə (tək). Köpəyin fikrinə bax! Qadam ağzına! Qadam keçəl başına! Zinyət xanım və Kərbəlayı Rəcəb gəlirlər. Zinyət xanım. Hacı cənabları nə danışırdı? Güldəstə. Hacı lənətullah, arvadı Xırda xanımı boşayıb... Qeyri fikrə düşübdür. Buyurur ki, canım səlamətdir, bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan kimi... Kərbəlayı Rəcəb. Tuş... Tuş! Tu...u...u...ş! Güldəstə. Əlavə buyurur ki, yad adamın bu evə sahib olmağına mən heç halda razı ola bilmərəm. Zinyət xanım. Aşkar görünür ki, qoca dəli olub. Ağa Heydərdən qalan sərmayə kişinin ağlını başından çıxarıb. Kərbəlayı Rəcəb. Özündən gedəsən, ay hacı! Zinyət xanım. Bəs sən hacıya nə cavab verdin? Güldəstə. Dedim: ay hacı, hələ tezdir, get ay batandan sonra gəl. Yavaş ye, boğazında qalar. Çəmən. Xa, xa, xa!.. Xa, xa, xa!.. Kərbəlayı Rəcəb. Keçinin qoturu bulağın gözündən su içər. Qarnı tox olan köpək gecə ulduza hürər – burda deyiblər ha... Xa, xa, xa... Xa, xa, xa... Xa, xa, xa... Güldəstə. Məlun! Lənətullah! Heç gör namusu olan şəxs qardaşının yerinə girərmi?! Keçəl qırışmal, sən ancaq sərmayə axtarırsan, amma yavaş ye, boğazında qalar! Zinyət xanım. Kərbəlayı! Bir də de, keçi nə təhər? Kərbəlayı Rəcəb. Keçinin qoturu bulağın gözündən su içər. Qarnı tox olan köpək gecə ulduza hürər. Xa, xa, xa... Xa, xa, xa... Xa, xa, xa... Pərdə * * * İkinci məclis Əhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər. Hacı Fərəc (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı? Yusif. Bəli, yaxşı baxır. Hacı Fərəc. Əmin sənə qurban, yeməyə nə verir? Yusif. Süd, yumurta, yağ, bulka, şakalad, sup, katlet, bişmiş alma... Hacı Fərəc. Əmini çox istəyirsənmi? Əmin sənə qurban. Yusif. Nə üçün istəmirəm, istəyirəm. Hacı Fərəc. Çox sağ ol! İndi get məmənin yanına, bu dəsmalı da apar ver sənin üçün saxlasın... Get dərdin alım! (Yusif gedir.) Hacı Fərəc (tək). Ancaq doqquz ildən sonra qəyyumluqdan çıxacaq. O vaxta qədər kim bilir sağ qalacaqmı? Zinyət xanım mənim təklifimi qəbul etməsə, dövlət əldən çıxacaq. Allahın köməkliyi ilə, pul gücü ilə əğyarları qoymaram Zinyət xanıma yaxın gəlsinlər. Ancaq çalışmaq gərək, Zinyət xanıma sübut etmək gərək, bilsin ki, Hacı Fərəcə tay bir kəs ola bilməz... O sərmayədir gecə-gündüz məni dirildən. Baxınız, köçdən azmış it kimi yorturam bu evdən o evə. Divanxanalarda bütün məmurları təngə gətirmişəm. Biri deyir: hacı bərizayi-xuda, əl çək yaxamdan. Biri deyir: rədd ol başımdan. Biri deyir: köpək yenə təşrif gətirdi... Bunların hamısına dözürəm. Kərbəlayı Rəcəb (daxil olub). Hacı, Balaqardaş sizi görmək istəyir. Hacı Fərəc. Qoy gəlsin görüm genə nə var? (Kərbəlayı Rəcəb gedir.) Zalım oğlu zalımı görməyə gözüm yoxdur. Hər onu görəndə qanım qaralır, darıxıram. Balaqardaş (daxil olub). Ay dayı! Sən arvadını nöşün boşamısan, hə? Bisəbəb, bigünah! Heç utanmırsanmı? Məgər qorxmursan onun qohum-əqrəbasından? Dərinə saman təpərlər axı!.. Hacı Fərəc. Ada, qudurmusan nədi? Nə cürət edib bu sözləri mənə deyirsən həəə? De görüm! Özünə bax, başından böyük sözünə bax! Sürün bu saat gözümün qabağından, heyvərə! Balaqardaş. İşlərdən xəbərin yoxdur, a dayı? Tamam şəhərdə, küçələrdə, dükanlarda, hamamlarda heç bilirsən sənin haqqında nələr danışırlar? Hələ, rəhmətliyin oğlu, mənə bir fors da satırsan? Hacı Fərəc. Ada, səsini kəs! Durram vallah dişlərini tökərəm! Səsini kəs deyirəm sənə! Balaqardaş. Səsimi necə kəsim ki, hara gedirsən xa, xa, xa, xa, xa, xa... Hacı Fərəc altmış yaşında, saqqalı tünd rəngləyib, ayağında cır-cır çəkmə, girib eşqbazlıq meydanına: xa, xa, xa, xa, xa, xa!.. Hacı Fərəc. Atamın ərvahına bu sözlərin hamısını özündən qayırırsan! Ada, sənə nə borc? Sən get öz dərdinin dalınca, balam! Balaqardaş. Mən sənin bacın oğlu deyiləm? Mənim yanımda belə sözlər danışılanda axır az qalır bağrım çatlasın, tab edə bilmirəm. O günləri Kərbəlayı qulam düşüb şəhərin canına, olmayan sözləri sənin haqqında danışır. Deyir hacı qəyyum olub, yetimin malını ac qurd kimi basıb yeyir. Dünənədək çiynində qanlı qoyun dərisi satan hacı lənətullah indi özü üçün qırx min manatlıq ev alır. Hər gün ipək dəsmal əlində, içində xüşkəbər yortur xanımın qulluği-şərifinə... Mən inanmıram, dayı. Mən ancaq onu bilirəm ki, ölənədək qoymayacağam bir kəs gəlib dayımın dövlətinə sahib olsun. Yaxın gəldimi, parçalanacaq. Hacı Fərəc. Mən özüm də heç vaxt razı olmaram ki, bir belə sərmayə-dövlət keçsin bir yad oğlunun əlinə. Hər nə danışırlar qoy danışsınlar... Hamısı paxıllıqdandır. Sən qulaq asma, işində ol və bundan sonra mənimlə bihörmət danışma. Rədd ol get! Balaqardaş. Mən gedirəm, görüm hansı əjdaha bu qapıya yaxın gələ bilər. (Gedir.) Hacı Fərəc (tək). Meyitini görüm, Balaqardaş! Sən lap nahaq belə fikrə düşürsən. Mən axmaq deyiləm bir belə sərmayədən əl çəkim... Pul əlimdə, ağlım başımda. Bir beş mindən, on mindən əl çəkərəm, dünyayi-aləmi çaxnaşdırram bir-birinə, ancaq Zinyət xanımı əldə saxlamaq gərək. Kərbəlayı Rəcəb! Kərbəlayı Rəcəb! (Çağırır.) Kərbəlayı Rəcəb (daxil olur). Nə buyurursan hacı? Hacı Fərəc. Kərbəlayı, sən bir dünyagörmüş, bu evə xeyirxah, hər tərəfdən xəbərdar, huşyar adamsan. Mən istəyirdim Zinyət xanım barəsində səninlən bir balaca məsləhət edəm. Necə bilirsən, kərbəlayı. Zinyət xanım bir cavan oğlana getsə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə? Kərbəlayı Rəcəb. Zəmanə cahılları, hacı, şarlatanlıqdan sıvay bir şeyə məsrəf deyillər. Əlbəttə, Zinyət xanım bir dünyagörmüş, Allahın təmiz bəndəsinə getsə yaxşıdır. Heç olmasa dövlət badifənaya getməz. Hacı Fərəc. Afərin, maşallah, kərbəlayı. İndi bildim ki, səndə ağıl, şüur var imiş. Kərbəlayı, and olsun Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə və atamın ərvahına, səni dünyada biqeyd elərəm, hərgah sən bu işdə mənə qardaşlıq etsən. Kərbəlayı Rəcəb. Bax, mənim bu gözlərim üstə... Arxayın ol, hacı... Mən yavaş-yavaş Zinyət xanımın qulağını dolduraram, sonra görək qəza nə istəyir. Hacı Fərəc. Çox yaxşı. Hələ ki, bu iki yüz manatı qoy cibişdana, sonra mən borcundan çıxaram, Allah qoysa, Allah qoysa. (Zəng vurulur.) Kərbəlayı Rəcəb (gedə-gedə, pul əlində). Şərafətiniz artıq olsun, hacı, Allah mətləbini versin inşallah! (Gedir.) Hacı Fərəc (tək). Cahanda müşkülgüşa puldur, pul... Pulun belə qadasın alım mən, qadasın. İş düzələndən sonra, qurban olum o günə, sərmayə keçəcək əlimə, onda mənə deyəcəklər Ağa Hacı Fərəc ağa! İndiyə kimi mənə məhəl qoymayan adamlar məni görəndə ikiqat olub, baş vuracaqlar... Hacı, necəsiz, səlamətsinizmi? Kefiniz necədir?.. Allah eləsin, Allah eləsin... Mənimlə belə danışacaqlar... Pəh, pəh, pəh, fəda olum o günə!.. Kərbəlayı Rəcəb (gəlib). Hacı ağa! Rzaqulu gəlib, sizi görmək istəyir. Hacı Fərəc. Buyursun... (Kərbəlayı Rəcəb gedir.) Rzaqulu (daxil olub). Salam əleyküm! Hacı Fərəc. Əleyküm salam! Əleyküm salam! Rzaqulu, sən çox xoş gəlmisən, səfa gətirmisən. Gəl, əyləş görüm nə var, nə yox?.. Bax burada, yanımda əyləş. And olsun Beytə mən səni balalarımca istəyirəm. Rzaqulu (əyləşib). Çox sağ oluz, hacı. Bilirsiz, hacı, mən nə işdən ötrü gəlmişəm qulluğunuza? Bu saat qapıda Balaqardaş mənə rast gəlib başladı ki, səndən çox-çox təvəqqe edirəm bu ətrafa dolaşmayasan, yoxsa yaxşı olmayacaq. Dedim, qardaş, qoy hələ bir az döşün atlanıb düşməsin, sonra görüm mən nə üçün bu ətrafa dolanmayım... Özün bilirsən dedi, dolanma deyirəm, dolanma, vəssalam. Sizdən çox təvəqqe edirəm, ona deyəsiniz bir də belə qələtləri eləməsin, yoxsa onu elə yox elərəm ki, bilməzlər dağ getdi, ya aran getdi. Hacı Fərəc. İnanırsanmı, Rzaqulu, mənim onu görməyə gözüm yoxdur. Bir belə utanmaz, bihəya insan mən görməmişəm. Bihəyalığına bax ki, gözəl-göyçək arvadı ola-ola, girib meydana ki, bir kəsi qoymayacağam bu qapıya yaxın gəlsin, dayımın dövlətinə malik olsun. Rzaqulu. Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya salmasın, hacı! Hacı, məni bağışlayınız, mən də bu qapıdan əl çəkməyəcəyəm, qoymayacağam bir kəs bu qapıya yaxın gəlsin. Balaqardaş dövlətçün çalışır, mən də kor deyiləm. Bir azca bəlkə mən ondan hələ karlıyam da. Nöşün o olsun, mən olmayım? Hacı Fərəc. Rzaqulu! And olsun Beytə, sənin xatirin mənim yanımda həmişə əziz olub, nəhayət mərtəbədə sənə möhübbəm... Sənə dürüst söz verirəm ki, o işdə sənin üçün əlimdən gələn köməyi edəcəyəm. Çünki Balaqardaş heyvanın biri o dövlətə layiq deyil. Ancaq o xatakun da bu qapıdan əl çəkmir. Kəsəcəyəm, odlayacağam deyib durur... Öz aramızdır, dövlət də dövlət deyil, həddən ziyadə sərmayədir, heç kimə müyəssər olmayan sərmayədir... Rzaqulu. Hacı! Əgər mən də adam oğlu adam ollam, ölənədək canımı, malımı sizə qurban elərəm. Hələ ki, xudahafiz... Hacı Fərəc. Xoşuma gəldin, qadan alım... Get, arxayın gözlə. (Rzaqulu gedir.) Bu iki hərifin tutuşmasın mən öpüb gözlərim üstə qoyaram... Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. Meydan qalar xali... Təbiidir ki, iki alov bir-birinə rast gələndə birləşib, ucalıb şiddətli yanıb, hər ikisi birdən sönər. Görək, pənah bərxuda! (Çağırır,) Güldəstə! Güldəstə! Bir bəri çıx görüm. (Güldəstə gəlir.) Qızım, bir vacib işim var, ona əməl etmək gərək. Güldəstə. Nə işdir, hacı? Hacı Fərəc. Balaqardaş Rzaqulu ilə tutuşublar, o deyir Zinyəti mən alacağam, bu deyir xeyr, mən alacağam. Balaqardaşın bir gözəl arvadı, üç uşağı, Rzaqulunun iki arvadı, bir-birindən gözəl beş uşağı. Bunlar özlərini öldürürlər, tək dövlətdən ötrü. Ona görə bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola və Kərbəlayı Rəcəb evdən kənara çıxmaya. Qandın? Güldəstə. Hacı, biz özümüz işdən xəbərdarıq. Ona görə qoymarıq dalan açıq qalsın. Hacı Fərəc. Mən, əlbəttə, qoymayacağam ki, dövlət yad adamın əlinə keçsin. Xudanəkərdə, Zinyət xanım bir yad adama getsə, onda mən Yusifi ona verməyəcəyəm. Zinyət xanım özü ağıllıdır. Onun xoşbəxtliyi ondadır ki, bu evdən bayıra çıxmasın, qalsın balasının yanında və malı-dövləti şarlatanların əlinə keçib yox olmasın. Güldəstə. Hacı, yəni Zinyət xanım evdə qalsın və sizi də yoldaşlığa qəbul etsin? Belə buyurursunuzmu? Hacı Fərəc. Hə də! Dövlət dağılmasın, qalsın Yusifə və onun anasına... Qəsdim budur. Heç bir şey mənə lazım deyil, məgərinki onların səlamətliyi və rahatlığı. Güldəstə. Çox gözəl, mübarək işdir, hacı. Hərgah Zinyət xanım razı olsa... Hacı Fərəc. O işdə mənim ümidim bircə sənədir. Güldəstə, and olsun Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, atamın ərvahına, səni dünyada biqeyd elərəm. Qızıla, ləl-cavahirə münəvvər elərəm, hərgah sən bu işi düzəltsən. Güldəstə. Baş üstə, gözlərim üstə, hacı, kömək elərəm, inşallah, sənin uşaqların da mənə duaçı olarlar... Hacı Fərəc. Görüm də, görüm də, başına dolanaram ki... (Gedir.) Güldəstə (qapıya baxıb). Getdi, xa, xa, xa, xa, xa, xa... xa... xa... Keçəl başın üçün, hacı, sənə kömək edəcəyəm, xa, xa, xa! Aldın ay... Xa, xa, xa... Xa, xa, xa... Zinyət xanım (daxil olub). Nə olub, bacı, kəklik kimi qaqqıldayırsan? Ağzı köpüklənə-köpüklənə hacı yenə nə danışırdı? Güldəstə. Hacı məni qızıla, ləl-cavahirə münəvvər edib, aşkar girdi meydana... Deyirəm, hacı, məqsədiniz odur ki, Zinyət xanım sizi yoldaşlığa qəbul etsin, belə deyilmi? Deyir hə də, hə də!.. Zinyət xanım. Ay sağ ol, hacı, sağ ol! Xa... xa, xa, xa... hə də, hə də, hə də, xa, xa, xa, xa. Güldəstə. Hacı elə qələt eləyir ki, it yesə gözləri ağarar. Başı keçəl, dişləri tökülüb, danışanda da ağzının suyu fantan eləyir. O səni istəmir. Onu dəli-divanə edən sənin dövlətindir... O qeyriləri də bunun kimi... Yavaş yeyin, boğazınızda qalar. Zinyət xanım. Doğru deyiblər ki, hər bir halda dövlət başa bir bəla imiş. “Neylərəm qızıl teşti, içinə qan qusam” – doğru söz imiş. Güldəstə. Dünən Mahmud bəyə rast gəldim, xoş-beş, bir xeyli danışdıq... Dedi ki, bir vacib kağız var, onu gərək verəm Zinyət xanıma. Necə gözəl, necə nəcib oğlandır. Allah öz pənahında saxlasın. Zinyət xanım. Mahmud bəy Ağa Heydər bəyin vəkili idi, qardaşı kimi onu istəyirdi... O bizə gələndə mənə əl verməzdi, dik üzümə baxmazdı, baş vurub əyləşərdi. Güldəstə. Bu heyvərələr bizdən əl çəksəydilər, Mahmud bəy, məncə, sənə və bu dövlətə layiq oğlandır. Mən gərək onu əldən verməyəm. İşdən belə bir balaca məlumat ona verdim, başa düşdü... Ziyalı oğlandır, əlbəttə, qandı mənim fikrimi... Kərbəlayı Rəcəb (daxil olub). Mahmud bəy izin istəyir gəlməyə. Güldəstə. Buyursun, buyursun. Halalzadə belə olar ey... gördün? Öz sözünün üstə çıxdı. Adını tut, qulağını çək. Bunun özü gözəl nişanədir... Allah eləsin öz birliyi xatirinə. Mahmud bəy (daxil olur, dalınca Kərbəlayı Rəcəb). Salam əleyküm. Güldəstə. Əleyküm salam, xoş gəlmisiniz, buyuruz əyləşiz... Mahmud bəy (əyləşir). Necəsiz, səlamətsinizmi? Güldəstə. Bir dəqiqə bundan irəli sənin söhbətini edirdik... Zinyət xanım deyirdi ki, Mahmud bəy, Ağa Heydərin yeganə dostu, bu bir ilin ərzində, bircə dəfə də olsa buraya təşrif gətirməyib, soruşmayıb işlər necə keçir?.. Qəyyum olub Hacı Fərəc, işləri naməlum. Zinyət xanım. Elə fikri mən çox vaxt eləmişəm. Əlbəttə, uman yerdən küsərlər... Mahmud bəy. Sözlərin haqdır, ancaq mən camaatımızın böhtanından qaçırdım... Bu gün vacib işdən ötrü gəlmişəm, yoxsa genə gəlməzdim. Güldəstə. Doğru buyurursan, qadan alım. Camaatımızın arasında hədyan adamlar çoxdur... Bu bir ilin ərzində yazıq Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb... Həməvəqq qorxuda qalıb, hər bir barədə... Mahmud bəy. Biçarə neyləsin, həşaratdan hər nə pis iş desən, gözləmək olar... Zinyət xanım! Ağa Heydərin təsdiq vəsiyyətnaməsini gətirmişəm. Bu vəsiyyətnaməyə görə sizə böyük dövlət çatır... Alıb bir möhkəm yerdə saxlayınız... Sonra görək xalqımız üçün nə iş görəcəksiniz... Fəqir-füqəraya nə cür gömək edəcəksiniz? Zinyət xanım. Siz nə qayda buyursanız, mən də elə rəftar elərəm. Mahmud bəy. Allah qoysa... Bir belə dövlətlən çox işlər görmək olar. Mərhum Ağa Heydərin fikrində var idi sənət məktəbi üçün böyük təmirat tiksin. Biçarəyə əcəl aman vermədi. İki yüz uşaq onun xərcinə sənət öyrənəcək idilər. Olmadı, qəza qoymadı Kərbəlayı Rəcəb. Mahmud bəy, atam sənə qurban, o vəsiyyətnamədə Ağa Heydər mənim haqqımda heç bir binagüzarlıq etməyibmi? Mahmud bəy. Necə ki, etməyib? Əvvəla, sənin üçün təyin edib beş min manat nəqd pul. Əlavə Zinyət xanım harada olsa, borcudur səni yanında saxlasın, hər bir maehtiyacını versin. Kərbəlayı Rəcəb. Sənin qəbrinə qurban olum, ay yazıq oğlan. Borcumdur ölənədək balan Yusifi gözlərimin üstündə saxlayım. Mahmud bəy. Vəsiyyətnamədə, Güldəstə bacı, sənin də adın var. Mən özüm də varam... Sonra, bilirsiniz, bu saat lazımdır ki, Zinyət xanım mənə bir vəkalətnamə versin, qəyyum Hacı Fərəcdən hesab tələb etmək üçün və qeyri işlərdən ötrü. Zinyət xanım. Baş üstə... Sabah nataryusu çağırtdıraram bura, vəkalətnamə yazdırıb göndərrəm sizə. Mahmud bəy. Çox yaxşı, izin verin mürəxxəs olum qulluğunuzdan. Çünki mənim məhkəmədə işim var, ona görə artıq qala bilmərəm. Güldəstə. Xoş gəldin, qadan alım, get. Ancaq bizi yaddan çıxarmayınız... Mahmud bəy. Baş üstə. Kərbəlayı Rəcəb. Get, atam sənə qurban, get, ömrün uzun olsun! (Mahmud bəy gedir.) Güldəstə. Sən bir yad oğlanı öz övrətin ilə bərabər vəsiyyətnaməyə salmaqda, Ağa Heydər, qəsdin aşkar görünür. Sevgili Zinyət xanımını bir gözəl oğlana tapşırıb gedibsən, Allah sənə rəhmət eləsin! Bu iki vücudun birləşməsinə mane olan kəs, səni görüm iki gözlərindən olasan, əlin-ayağın qurusun, tərpənə bilməyəsən!.. (Zinyət xanım ağlayır.) Dəli olma, ağlamaq nədir? Bəri gəl, olan keçdi, getdi, bəlkə xoş günümüz qabaqdadır. Gedirlər. Kərbəlayı Rəcəb (tək). Belə də arvad olarmı, başınıza dönüm? Yaşa, balam, yaşa! Kaş mənim olaydın, ay qız! Nə yaxşı olardı! Nə xoşbəxt olardım... hanı ki, hanı ki... İçinə zibil ay bəxt, tfu!.. İndi pulumca da var... Xeyr, düzəlməyəcək... Elə baxa-baxa gedəcəyəm... Pərdə * * * Üçüncü məclis Əhvalat vaqe olur həmin otaqda. Zinyət xanım və Güldəstə şəkillərə baxırlar. Kərbəlayı Rəcəb (daxil olub). Balaqardaş zalım oğlu naqafil anbardan çıxdı, ürəyim qopdu... Gözləri qudurmuş it gözünə oxşayır... Dedi: get Kərbəlayı, gəlirəm bu saat sizin canınıza... Güldəstə (Zinyət xanıma). Sən dur qaç, qapını da bağla... Qoy gəlsin, mən ona yaxşı cavab verərəm. (Zinyət xanım qaçır.) Kərbəlayı Rəcəb. Canım, mən də qaçıram... Arığın nə işi var qoruqda, vuralar qılçası sına. Güldəstə. Afərin sənin kişiliyinə, sən nöşün qaçırsan? Dur yerində. Gələr, səni burada görməz, onda daha pis. Axtarar, tapar, vayını verər. Balaqardaş (daxil olub). Güldəstə! Bir gözümün içinə dürüst bax! Məni tanıyırsanmı? Bu naqanı görürsənmi?.. Güldəstə. Naqanı da görürəm, gözünün içinə də dürüst baxıram... Sonra nə buyurursan? Balaqardaş (acıqlı). Bircə mənə de görüm Mahmud bəyin bu evdə nə işi var? Məgər o qanmır ki, kişisiz evə girmək olmaz?! Güldəstə. Mahmud bəy bu evə gələndə qiyamətmi qopar? Balaqardaş. Yad kişi bu evə gələndə təpəsinə güllə vurarlar, ayaqları başından aşar. Qiyamət belə qopar. Güldəstə. Təvəqqe edirəm bir az alçaqdan gedəsən... Səndən qorxan yoxdur... Qabaqcan gərək biləsən Mahmud bəy nə işdən ötrü buraya gəlmişdi, ondan sonra canbaza çıxarsan. Balaqardaş. Heç bilmək də İstəmirəm!.. Ancaq onu sizə deyirəm ki, ikinci dəfə də onu burada görsəm, vallah doğrayacağam. Sənin özünü də şişə çəkib yandıracağam. Bu sözləri dürüst yadında saxla, eşidirsənmi? Güldəstə. Vallah, sən mənim yanımdan yel olub ötə də bilməzsən! Özünə bax, sözünə bax!.. Gör kimi hədələyir... Balaqardaş. Baxarıq, Güldəstə... Mən bir söz idi sənə dedim. Saxla yadında... Kərbəlayı Rəcəb. Canın üçün, Balaqardaş, Mahmud bəyin bu evdən heç bir təmənnası yoxdur. O, Ağa Heydərin vəsiyyətnaməsini gətirmişdi. Sən lap nahaq yerindən oynayırsan. Balaqardaş. Rəcəb kişi, sən özün də dinc otur. Yoxsa, vallah, dərini diri-diri soyaram. Kərbəlayı Rəcəb. Bacı oğlu, mən bir fəqir adamam, heç kəsnən işim yoxdur. Vallah, billah... O günləri Rzaqulu da məni hədələyirdi... Dedim: oğlum, Allah xatirinə, məni heç bir işə qarışdırmayın, mən bir nökər adamam, qoyun bir növ bu qapıda dolanım. Güldəstə. Bu da bizim cahılımız! Mahmud bəyi tikə-tikə doğrayır, məni şişə çəkir, bir qoca kişinin dərisini diri-diri soyur. Hünərindi, get bu sözləri Rzaquluya de. Bizim yanımızda xoruzlanmaq bir çətin iş deyil. Balaqardaş. Rzaquluya elə təpinmişəm ki, qorxusundan evdən qırağa çıxa bilmir. Bir yol cəlladlığı mən boynuma götürmüşəm. Hər kim mənə bərəks getdi, vay onun halına!.. Görərsiniz! Mən gedirəm. (Gedir.) Güldəstə. Get, dalınca bir qara daş! Ağzına bax qoduğun! Öldürəcəyəm, basacağam, kəsəcəyəm... Özün öləsən, igid! Rəcəb əmi get qapını bağla Allah xatirinə. (Kərbəlayı gedir.) Zinyət xanım (daxil olur). Yamanca bəlaya düşdük... Dünya malından ötrü qorxuram bircə balamı öldürərlər... Güldəstə! Aman günüdür, Yusifimi mən haraya qaçırdım? (Ağlayır.) Güldəstə. Dəli olma! Nöşün ağlayırsan? Kimin cürətidir Yusifə yaxın gedə bilsin! Heç qorxma! İstəyirsən, sabah gedərəm madamın yanına, deyərəm Yusifi qırağa çıxarmasınlar. Zinyət xanım. Mən özüm də gedərəm, yalvararam, qandıraram nə səbəbə balamı otaqdan kənara çıxarmasınlar. Hacı Fərəc (qıraqdan). Qurtarram sənin üzündən Balaqardaş, qurtarram, bu gün, sabah, çox çəkməz, qurtarram. Güldəstə. Zinyət xanım! Lənətullah gəlir... Sən dur qaç. (Zinyət xanım qaçır.) Hacı Fərəc (daxil olub). Qızım, işdən mənə bir xəbər. Güldəstə. İş nədir, zad nədir, a başına dönüm?.. Keçi can hayındadır, qəssab piy axtarır... Hacı Fərəc. Nə olubdur məgər? Güldəstə. Nə olacaq?! Bacın oğlu gəlib buraya, buyurur səni şişə çəkəcəyəm, Kərbəlayı Rəcəbin dərisini diri-diri soyur. O yandan Rzaqulu sifariş eləyir ki, balaca Yusifin başını cücə başı kimi kəsərəm. Biz də yetim cücə kimi qısılmışıq hərə bir tərəfdə... Ta bu zindəganlıq olmadı ki!.. Bizim bu halımızda bilmirəm siz nə istəyirsiniz? Hacı Fərəc. Bilirsən, Güldəstə, nə var?.. Siz heç qorxmayınız, rahat əyləşin yerinizdə... Olar üçün lazımı tədbirlər olunub... Mənə də Hacı Fərəc deyərlər. Elə bu gün ya sabah eşidərsiniz. Ancaq sən, Güldəstə, öz sözünün üstə bərk dur... İnşallah meydan bizim olacaq. İndi mən gedirəm elə o işin dalınca. (Gedir) Güldəstə (tək). İşlər günü-gündən çətinləşir. Bilmirəm neyləyim? Zinyət xanımın bir kəsi yox. Ona da yazığım gəlir. Bu halda Mahmud bəyə də yaxın durmaq olmaz. O da yazıqdır, öldürərlər. Qeyri şəhərə qaçmaq? O nə təhər olsun? Pənah Allaha, bir neçə gün gözlərəm!.. Kərbəlayı Rəcəb (daxil olub). Xataya düşmüşük canım, vallah! Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. Rzaqulu bazarda məni tutub, apar deyir, bu pulu ver Güldəstəyə, uzun danışma apar, deyirəm, apar, yoxsa burnunu, qulaqlarını kəsərəm! Zalım oğlu üstümə belə qışqırdı, az qaldı nəfəsim batsın. Güldəstə (acıqlı). Qəribə adamsan, kərbəlayı, vallah! Yaxşı, atam, sənə kim izin verib mənim adıma özgədən pul alasan? Bu saat apar ver özünə, dayanma! Apar deyirəm sənə! Kərbəlayı Rəcəb. Bacarmaram, Güldəstə, bacarmaram... Xeyr, xeyr... Əstəğfürullah, məni öldürsən də bacarmaram. Güldəstə. Rzaqulu istədiyi olmayacaq, kərbəlayı, Allah xatirinə, apar ver özünə. Mənim yaxamı onun əlinə salma. Kərbəlayı Rəcəb. Güldəstə, qurban olum sənə, bacarmaram, atam sənə qurban, bacarmaram. Qorxuram, qanırsanmı? Qudurmuş itə yaxın gedə bilmərəm. Güldəstə. O pulu mən almayacağam, qoy qalsın səndə. Bu adını kişi qoyub, başınıza dönüm! Öləsən elə. Zinyət xanım. Bu gün səhərdən indiyədək neçə dəfə qudurmuşları bizim küçədə görmüşəm... Kərbəlayı! Bu saat özünü yetir Mahmud bəyə, o məhkəmədə olacaq. Ona de ki, bir neçə gün evdən bayıra çıxmasın. Özünü bu heyvanlardan gözləsin. Mən qorxuram. Kərbəlayı Rəcəb. Bir yarım saat bundan irəli hər ikisini mən bazarda gördüm. Yanlarında yoldaşları. Mahmud bəyi xəbərdar etmək yaxşı fikirdir. Mən bu saat onu taparam. Siz qapını bağlayınız (Gedir.) Zinyət xanım. Heydər, Heydər! Kaş sən sağ qalaydın, bir gün ac, bir gün tox həsir üstə dolanaydıq. Dövlət qoyub mənə getdin, dövlət olmadı, o mənə bir bəla oldu. (Ağlayır.) Güldəstə. Genə başladın? Ağlamaq nədir? Uşaqsan? Bəsdir, bəsdir, sən Allah! Köpəklər leş üstündə boğuşacaqlar, sən də göz yaşını tökəcəksən! Qoy boğuşsunlar! Allah verə bir-birinin ətini yesinlər... Bizə nə? Zinyət xanım. Qorxuram, Güldəstə! Qorxuram. Qurban olum sənə, bacı. (Güldəstəni qucaqlayır.) Allah, dövlət nə böyük bəla imiş!.. İstəmirəm, istəmirəm, qoy aparsınlar, ancaq tifil Yusifimə dəyməsinlər. Güldəstə. Heç qorxma! Heç darıxma! Darıxma, qurban olum sənə. Kimin ağzı nədir, bu qapıdan içəri girə bilə? Zəng vurulur. Zinyət xanım. Bu kim ola? Güldəstə, qorxuram, qapını açma! (Güldəstə qaçıb, əlində naqan qayıdır.) Açma başına dönüm! Aman Allah, aman Allah! Qaçır yan otağa, qapını bağlayır. Güldəstə (qapıya yaxınlaşıb). Kimsən? Səsini çıxart! Əcəlin yetməsin, səslən, səslən! Yoxsa vurdum. Kərbəlayı Rəcəb (qapının dalından). Mənəm Güldəstə, Kərbəlayı Rəcəb... Aç qapını! Güldəstə. Yanında kimdir? Səslən! Kərbəlayı Rəcəb. Mahmud bəydir, qorxma! Aç qapını. (Güldəstə qapını açır, Mahmud bəy və Kərbəlayı Rəcəb daxil olurlar.) Mahmud bəy. Mən buraya gəlirdim. Kərbəlayı Rəcəb qapıda rast gəldi, dedi ki, siz çox xofdasınız. Zinyət xanım (gəlib). Bax Mahmud bəy, sizdən çox təvəqqe edirəm ki, axşamadək burada qalasınız, çünki o qudurmuşlar buralardan əl çəkmirlər. O xətakunlardan xəta əskik deyil, mən qorxuram... Mahmud bəy. Hərçənd nahaq yerə qorxursunuz, genə baş üstə, axşamadək kənara çıxmaram. Hacı Fərəc (qıraqda başı açıq). Köməksiz qalan canım vay! Evi yıxılan canım vay! Balaqardaşım vay! Mahmud bəy (gedib hacının qolundan tutub gətirir). Gəl, gəl, hacı. Neyləmək olar. Qəza işidir... Əyləş, hacı. Hacı Fərəc (əyləşib). Çox çalışdım, çox əlləşdim, olmadı... Yalvardım... Ay aman, qoymayız, olmadı... Hamı qaçdı, mən tək qaldım... Olmadı... Vay, evi yıxılan canım vay! (Yalandan ağlayır.) Mahmud bəy. Olacağa çarə yoxdur, hacı! Ağlamaqdan yara sağalmaz... Özünü toxtat! Nağıl elə görək bu necə müsibətdir? Hacı Fərəc. Çox çalışdım, çox çalışdım, olmadı. Yalvardım; ay aman, qoymayınız. Balaqardaş yaralı-yaralı... pələng kimi atışırdı. Bir güllə də başından, yıxıldı yerə... Kim vurdusa, Rzaqulu da yıxıldı, dörd-beş adam tələf oldu. Böyük faciə, böyük müsibət... Mahmud bəy. Hacı! Belə müsibətlərə bais sərmayə və sərmayəçilikdir. Nə qədər ki, yer üzündə davam edən bu nizam var, nə qədər ki, bu nizam təğyir tapmayıb və nə qədər ki, insanın nəfsi ölməyib, o vaxtadək belə müsibətlər, belə faciələr olub, olur və olacaq. Bunları yox etmək üçün, təbdili-nizam üçün çalışmaq gərək. Hacı Fərəc. Nəfsi öldürmək olmur, a başına dönüm. Neyləyəsən? İnsan belə yaranıb, belə də qəbirə gedəcək. Kərbəlayı Rəcəb. Hacı, tələf olanlar elə orada qaldılar, yoxsa apardılar? Hacı Fərəc. Apardılar... Mahmud bəy! Qurban olum sənə. Allah sənin balalarını saxlasın. Zəhmət olmasza bir yerdə gedək, o bədbəxt oğlunu azarxanadan alıb, aparıb verək anasına, yazıqdır. Mahmud bəy. Baş üstə, hacı, buyur gedək. Hacı Fərəc. Kərbəlayı, sən də gəl. Gəl, qadan alım, bəlkə lazım oldun. Kərbəlayı Rəcəb. Hacı, məni bağışla... Mən gedə bilmərəm... Mən bir fəqir adamam. Bir də mən meyitdən qorxan kimi heç bir şeydən elə qorxmuram. Mahmud bəy. Kərbəlayı, çünki sən getmirsən, papağını ver hacıya. (Verir.) Hacı, buyur gedək. Gedirlər. Güldəstə. Biiman, bidin mürtəd, Allahın qəzəbinə gəlmiş məlun! İki cavanı, bir-birinə tutuşdurub, hər ikisini badi-fənaya verdin, məlun lənətullah. Get, məlun, cavan qurbanını dəfn etməyə. Zinyət xanım ağlayır. Kərbəlayı Rəcəb – Bir Fərəci-pəlid ibni-Hacı Ziyad hər dəm səd həzar lənət başəd. Salan bu xalqı cahanda bəlaya, verən də ömrümüzü tez fənaya puldur, pul. Pərdə * * * Dördüncü məclis Əhvalat vaqe olur həmin evdə. Hacı Fərəcin kantorunda. Hacı Fərəc, Güldəstə əyləşiblər səndəl üstündə. Hacı Fərəc. Güldəstə! and olsun Məkkəyə, Mədinəyə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, and olsun atamın ərvahına, səni mən qızıla, ləli-cəvahirə münəvvər elərəm. Qurtar mənim işimi... Səndən ruhpərvər cavab gözləyirəm, qızım. Güldəstə. Bu halda mən sizə nə cavab verim, hacı? Mümkündürmü? Balaqardaşın təziyəsi hələ qurtarmayıb. Əlavə, camaat arasında danışıq var ki, onun ölməyinə bais də siz olmuşsunuz. Layiqdirmi sizə bu halda Zinyət xanımı almaq fikrinə düşmək? Hacı Fərəc. Mən özüm də onu fikir etmişəm, ancaq nə lazım olub o işi biz aşkar görək?.. Çağırram bir kənd mollasını, mən öz vəkilim, Kərbəlayı Rəcəb Zinyət xanımın vəkili, kəbini kəsilər, qurtardı getdi... Yaxşı pul verərəm, mollaya tapşıraram heç kəs bilməsin, vəssalam. Güldəstə. Bir iş də var, hacı. Axır mən Zinyət xanım ilə hələ danışmamışam. Doğrudur, bir balaca qandırmışam, ancaq qəti surətdə aramızda bir söz olmayıb. Hacı Fərəc. Ay qız, sən mənim lap belimi sındırdın ki! Necə hələ danışmamısan? Mən sənə yalvardım, sən də mənə söz verdin... İndi də belə? Bu olmadı ki... Güldəstə. Mən elə genə öz sözümün üstündə durmuşam... Ay hacı, insafın olsun. Axı yazıq qız heç qara libasını çıxartmayıb. Mən ona necə deyim ki, hacının fikri budur? O belə fikir edir ki, heç bir namusu olan şəxs qardaşının yerinə girməz. Onun heç ağlına gəlmir ki, siz o işə iqdam edərsiniz. Ona görə bizim o barədə danışmağımızı zarafat hesab edir. Hacı Fərəc. O fikir nahaq fikirdir. Çünki peyğəmbərimiz o yolu qoyub məhz ondan ötrü ki, dövlət yad əlinə keçməsin, keçib bərbad olmasın... Mən Kərbəlayı Rəcəbə tapşırmışdım bilsin Zinyət xanım bu işə necə baxır. Güldəstə. Hacı, bəlkə Kərbəlayı Rəcəb ona bir söz deyib? İstəyirsiniz çağırım gəlsin, soruşunuz. (Güldəstə gedir.) Hacı Fərəc (tək). Bu saat məndən suvayı müştəri yoxdur... Amma iş təxirə düşsə, təzə müştərilər meydana çıxa bilər. Zalım Zinyət xanım gəlmir ki, onunla rubəru danışam. Onda heç kimə yalvarmazdım və bir belə də xərc özümə vurmaz idim. İşin bu hala düşməsinə bais o şeytan Güldəstədir. Zinyət xanımı görmək üçün nə kələk qurdumsa, zalım qızı elə dəlillər gətirdi ki, qaldım mətəl, söz də tapıb deyə bilmədim. Hər nə isə, yamanca şeytandır. Kərbəlayı Rəcəb, Güldəstə gəlirlər. Kərbəlayı Rəcəb. Hacı Ağa, nə buyurursunuz? Hacı Fərəc. Kərbəlayı, o iş ki, mən sənə tapşırmışdım, necə oldu? Varmı səndə bir xəbər? Kərbəlayı Rəcəb. Hacı, özünüz bilirsiniz ki, mən bir təmiz adamam, yalan bilmərəm, həllə-hüşlük bilmərəm, oğurluq bilmərəm, Allah vara bu ev dolu qızıl olsun. Hacı Fərəc. Uzaq getmə, kərbəlayı, mətləb üstə gəl. Qadan alım, mətləb üstə gəl. Söylə görüm Zinyət xanıma nə dedin? Cavabında nə eşitdin? Kərbəlayı Rəcəb. Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan? Hacı Fərəc. Kərbəlayı, qadan alım, mətləb üstə gəl... Təvəqqe eləyirəm uzaq getmə... Kərbəlayı Rəcəb. Baş üstə, mətləb üstə gəlirəm. Dedim Zinyət xanım, il keçdi, sən gəl bu qara libası çıxart, özün də get bir Allah bəndəsinə, elə adam olsun ki, səni və balanı gözləri üstə saxlasın. Hacı Fərəc. Bərəkallah, afərin kərbəlayı! Belə de! De qoçum, de! Məni şad elə! Kərbəlayı Rəcəb. Dedim Zinyət xanım, Rzaqulu və Balaqardaş namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər. Meydan qaldı xali... Sizə bir dünyagörmüş, təmiz, namaz qılan adam lazımdır... Hacı Fərəc. Canını qurban etməyə hazır olan, filankəs kimi. Kərbəlayı Rəcəb. Xeyr, hacı, ad çəkmədim, amma özü dedi, yəni Hacı Fərəc kimi, həəə?.. Dedim bəs necə, o kişini sən nə hesab edirsən? Hacı Fərəc kimi qoçaq yer üzündə tapılmaz. Güldəstə. Yavaş görüm, kərbəlayı, mən harda idim, sən Zinyət xanımla bu naziklikdə söhbət edəndə? Kərbəlayı Rəcəb. Sən getmişdin balaca Yusifin yanına, Hacı Fərəc. Hacı Fərəc. Güldəstə! Bajaliska, qarışdırma. Qoy kişi sözünü tamam eləsin. Yaxşı, kərbəlayı, de görüm Zinyət xanımın axır sözü nə oldu? Kərbəlayı Rəcəb. Axır sözü belə oldu ki, qoy hacı məhkəmədə olan işini qurtarsın, sonra mən ona cavab verərəm. Hacı Fərəc. Müxbir oldum, gedə bilərsiniz. (Güldəstə, Kərbəlayı Rəcəb gedirlər.) Hacı Fərəc (tək). Bu xətakünlər hər ikisi məni oynadırlar. Danışıqları başdan-ayağa yalan... Mən özüm Zinyət xanım ilə dizbədiz oturub danışmasam, iş düzəlməyəcək. Sabah, Allah qoysa, düz gedib girrəm otağına, öz təklifimi ona elərəm. Ümidim var ki, rədd eləməz. Mahmud bəy. Hacı, izin ver gəlməyə? Hacı Fərəc. Buyura bilərsiniz. Mahmud bəy (daxil olub). Salam əleyküm! Hacı Fərəc. Əleyküm salam! Buyuruz əyləşiz. Mahmud bəy (əyləşib). Hacı, bir işdən ötrü gəlmişəm qulluğunuza. Hacı Fərəc. Necə işdir? Buyuruz görüm! Mahmud bəy. Hacı, siz qəyyum olandan sonra ədliyyə məmuru gəlib mərhum Ağa Heydərdən qalan varidatı siyahıya alıb və cənabınız da o siyahıya qol çəkib. Mülkləri və cəmi sərmayəni ixtiyarınıza almısınız. Mən, necə ki, Zinyət xanımın vəkili, sizdən mədaxil və məxaricin hesabını tələb edirəm... Hacı Fərəc. O hesabı mən vermişəm ədliyyə idarəsinə, dübarə sizə hesab vermək mənim borcum deyil. Mahmud bəy. O hesabı mən görmüşəm. Hacı, o hesab dürüst deyil. Hacı Fərəc. Necə dürüst deyil? Elə dürüstdür ki, heç olmayan kimi. Mahmud bəy. Hacı, buyuruz görüm bankdan aldığınız yüz altmış min manatı nə işdən ötrü məsrəf etmişsiniz? Əlavə, Rüstəm baqqalın oğlundan aldığınız doxsan min manatı haraya vermisiniz? Hacı Fərəc. Başağrısı vermək lazım deyil, hər nə var, o hesabda yazılıb... Mahmud bəy. Hacı, mən ancaq dünən bilmişəm iş nə haldadır. Kərbəlayı Qulam xəbər verib. O xəbərə görə sizi işə salıblar. Və iş təftiş olunub. Mən sizə xeyirxaham, hacı. Nə qədər rüşvət verirsiniz, onu da bilirəm. Hacı Fərəc. Mahmud bəy, sən gəl mənə öcəşmə. Ərz eləyirəm hesab dürüstdür. Kərbəlayı Qulam mənim düşmənimdir. Onun sözünə etibar etməzlər. Mahmud bəy. Hesabda yazmışsınız ki, bu ev üçün alınıb dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd kirvənkə Popov çayı, iki yüz altmış min manat nəqd pul, belə hesaba da qol çəkmisiniz. Hacı Fərəc. Əgər o şeylər bu evə gəlməyib, bəs necə dolanıblar? Əlbəttə, göndərmişəm. Mahmud bəy. O şeylər bu evə gəlib ya gəlməyib, bilmək çətin deyildir. (Çağırır.) Kərbəlayı Rəcəb, Güldəstə bacı, zəhmət olmasa buraya gəliniz. Hacı Fərəc. Onları nə üçün çağırırsınız, qardaşım? Onların nə ixtiyarı var mənim işimə qarışsınlar? Məlum olur ki, siz mənim sözümə inanmırsınız? Elə isə, siz mənim çestimə toxunmaq istəyirsiniz. Təvəqqe edirəm, bir az sərhesab olasınız. Yoxsa sizin üçün yaxşı olmaz. Mahmud bəy. Məni hədələmək lazım deyil, hacı, o sonrakı işdir... İndi mən sizdən hesab tələb edirəm... Kərbəlayı Rəcəb, Güldəstə daxil olurlar. Hacı Fərəc. Sizin burada nə işiniz var? Çıxız bayıra, rədd oluz! Mahmud bəy, bu qeyli-qal nə üçündür? Eyib deyilmi? Mahmud bəy. Təvəqqe edirəm ki, kəmhövsələ olmayasınız. Güldəstə bacı, hacı məhkəməyə hesab verib və o hesabda göstərib ki, guya bu evə dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd girvənkə Popov çayı və iki yüz altmış min manat nəqd pul verib, doğrudurmu? Güldəstə. Bu evə o şeylər nəinki gəlməyib, hətta adı da çəkilməyib. Kərbəlayı Rəcəb. Anbarın açarı həmişə məndə olar. Hacı bir balaca səhv yazıb. O şeylər bizə gəlməyib və gələ də bilməzdi. Çünki ehtiyac olmayıb. Hacının külfəti çoxdur, bəlkə öz evinə göndərib. Mahmud bəy. Bağışlayız, sizə zəhmət verdim, gedə bilərsiniz. (Gedirlər.) Hacı Fərəc. Ağa Mahmud bəy! Ola bilərmi ki, siz bu işə heç qarışmayasınız? Çünki o mənlən qardaşımın külfəti arasında olan bir işdir, yad adamın bu işə girməsinin heç mənası yoxdur. Mahmud bəy. Vəkil, əlində vəkalətnamə, yad deyil, hacı. Kərbəlayı Qulam sizi yaman bəlaya salıb. Mən istərdim ki, sizə kömək edəm, amma siz mənə heç inanmırsınız. Hesabınızda saxta qəbzlər tapıblar. Hacı Fərəc. Mahmud bəy, axır sözünüzü buyuruz, məndən nə istəyirsiniz? Mahmud bəy. Bu evə bir quruş xərc olmayıb. Cəmi mədaxil gərək çıxsın araya, verilsin banka, vəssalam. Hacı Fərəc. Mən Sibirə gedəndə, görək məndən nə ala bilərsiniz. Mahmud bəy, indi ki, bu işdən belə bərk yapışmısınız, gəlsənə bir iş eləyək. Sən məndən bir yüz min manat al, işi boşla getsin, mənə də kömək elə, xatadan qurtar. Mahmud bəy. Bu nə təklifdir, hacı?! Heç utanmırsanmı? Ta nə deyim sənə? Söz də tapmıram deməyə. Eyib olsun sizə, hacı! Hacı Fərəc. Mən burada heç bir eyibli iş görmürəm. Alış-verişdir, deyirəm, puldur, sən də xərclə, mən də... Qoca kişiyəm, vermə məni kafir əlinə, bir növ məni qurtar. Kərbəlayı Rəcəb (daxil olub). Hacı, pristav İbrahim bəy gəlib, sizi görmək istəyir. Hacı Fərəc. Gəlsin görək nə buyurur. (Kərbəlayı Rəcəb gedir. İbrahim bəy daxil olur.) İbrahim bəy (rəsmi libasda). Salam əleyküm, Mahmud bəy! Ya Allah, əhvali-şərifiniz necədir? Mahmud bəy. Əziz olasan, bir təhər dolanırıq. Hacı Fərəc. Buyuruz əyləşiz... Əhvalın necədir, qadan alım, yaxşısanmı? İbrahim bəy. Sağ ol, hacı. Mahmud bəy, bilmirəm tanıyırsınızmı, bir Kərbəlayı Qulam var, hələm-qələm, xətakün, nadürüst, hacını yaman dolaşdırıb. Neçə gündür ki, prokuror hacını məndən istəyir. Bir yarım saat bundan irəli bir hökm ilə gəlib hacını qəti surətdə məndən tələb eləyib. Ta artıq işi dayandıra bilmədim. Hacı Fərəc. Kərbəlayı Qulam bizim hamamın icarədarıdır. Yetim ayağı olmağına görə, mən necə ki qəyyum, icarə pulundan keçə bilmədim. Ona görə o gedib məndən şikayət eləyib. İbrahim bəy. Hacı, sizin xatiriniz üçün mən yanımca adam gətirmədim, tək gəldim. Mən sizi aparram faytonda, heç qanan da olmaz biz hara gedirik. Mən sizə söz verirəm ki, bir tacir taparam, qoymaram sizi bir gün də orada qalasınız... Zaminə götürdərik. Mahmud bəy özgəsi deyil. Sən də, hacı, mənim yolumu görərsən. Hacı Fərəc. Mənim gözlərim üstə, nə qədər kefindir. İbrahim bəy. Onda buyuruz gedək. Hacı Fərəc. Beş dəqiqəliyə mənə vaxt veriz, burada işim var. Çıxınız qırağa, mən də bu dəqiqə gəlirəm. Mahmud bəy, siz də buyurun. (Mahmud bəy, İbrahim bəy çıxırlar.) Hacı Fərəc (çağırır). Kərbəlayı Rəcəb, Güldəstə! Zəhmət olmasa bir buraya gəliz. (Hər ikisi gəlir.) Kərbəlayı qardaş, qızım Güldəstə! Qəza məni dolaşdırıb, nicatım sizin əlinizdədir. Mən sizi şahid göstərəcəyəm, ikicə kəlmə söz ilən ki, bəli belədir. Siz məni kafir əlindən qurtara bilərsiniz. Sizdən soruşanda ki, bu evə nə qədər azuqə gəlib, deyərsiniz ki, dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd girvənkə çay və iki yüz altmış min manat nəqd pul; Zinyət xanım alıb qoyub sandığa. Güldəstə. Bu işdə Quran andı varmı, hacı? Hacı Fərəc. And içəndə nə olar? Bir müsəlmanı bir kafir əlindən xilas etmək üçün adam Qurana da and içər, hələ desən bir azca da artıq. Kərbəlayı Rəcəb. Mən qoca kişi, özüm kərbəlayı, namaz qılan, gedim yalandan Qurana and içim? Xeyr, hacı, məni bağışlayız. Bacarmaram. Güldəstə. Məni də bağışlayınız, hacı. Mən doğru işdən ötrü Quran üstə getmərəm. Biləm ki, başımı kəsəcəklər, genə getmərəm. Hacı Fərəc. Ola bilərmi ürəyinizdə bir haqq söz tutub, and içib, deyəsiniz, bəli, belədir. Aman günüdür, mənə rəhm ediniz, yazığam, qoca kişiyəm. Atam, anam, balalarım sizə qurban. Qurtarız məni kafirlərin əlindən. Kərbəlayı Rəcəb. İş ona qalanda, heç bir növ ilən bacarmaram. Güldəstə. Mən heç bacarmaram. Hacı Fərəc. Eybi yoxdur... Allah kərim padşahdır... Gedirəm, genə gəlləm, yamanlıq sizə qalar. (Gedir.) Kərbəlayı Rəcəb. Özgəyə quyu qazan, özü tez düşər. Get, lənətullah. Güldəstə. Bax, indi mən deyə billəm ki, meydan xali qaldı... Zinyət xanımın canı qurtardı. Mahmud bəy (daxil olub). Hacı axır görüşə gəlib, nə binagüzarlıq edirdi? Kərbəlayı Rəcəb. Hacının əhvalı zibil dadırdı, dilini bir qarış çıxarıb bizə yalvarırdı. Atasını, anasını, balalarını qurban edirdi ki, gəliz məhkəmədə and içiniz ki, filan iş belədir. Olmaz, yaramaz, dedik. Suya basılmış toyuq kimi durdu getdi. Güldəstə (çağırır). Zinyət xanım, bir bəri gəl. (Zinyət xanım gəlir.) Bilirsiz nə var? O iki cavanın vəfatından sonra hacı çox deyirdi ki, meydan xali qaldı, bir tək müştəri mənəm. Mən indi ancaq deyə billəm ki, meydan qorxusuz, xali qaldı, amma bir az vaxtadək. Çünki bal üstə arı çox yığılar... Hacı da təşrif apardı. Təzədən müştərilər çıxacaqlar meydana, bişək-şübhə. Kərbəlayı Rəcəb (kənara). Genə zalım qızının ağzından dürr tökülür... Qurban olaydım, ay qız, ay qurban! Güldəstə. Mahmud bəy! Ağa Heydər bəyin vəsiyyətnaməsindən aşkar görünür ki, o cənab sizi vəsiyyətnaməyə daxil etməkdə fikri Zinyət xanımı tapşırıb getmək imiş, belədirmi? Mahmud bəy. O mərhum məni çox istəyirdi. Bizim fikrimiz, sirrimiz bir olardı. Xəyalat edərdik: məktəblər açarıq, ələlxüsus sənət məktəbi, yüz əlli uşaq üçün böyük təmirat... çifayda, qəza aman vermədi. Zinyət xanım. Sizdən çox təvəqqe edirəm ki, onun tamam fikirlərini əmələ gətirəsiniz. Dövlətin nə olduğunu mən gördüm... Sərmayə bir bəla imiş. Nə mənə, nə oğluma bir o qədər lazım deyil. Güldəstə. O fikirlər sonrakı işdir. İndi, Zinyət xanım, o mərhumun qəsdini əmələ gətirmək üçün Kərbəlayı Rəcəbi vəkil edirsənmi sabah Mahmud bəy ilə qazixanaya gedib o mübarək işi qurtarsın? Zinyət xanım. Bəli, vəkil edirəm... Güldəstə. Mahmud bəy! Siz də ki bu işə razısınız? Mahmud bəy. Razıyam. Bu şərtlə ki, Zinyət xanım mənim öz komamda var-yoxuma qane olub, mənə yoldaşlıq edə və mərhumun fikirləri əmələ gələ. Zinyət xanım. O barədə mən özüm sizdən rica edirəm. Güldəstə. Allah mübarək eləsin. Nahar hazırdır, buyurunuz gedək. (Gedirlər.) Kərbəlayı Rəcəb (tək). Mahmud bəyin işi düzəldi. Allah mübarək eləsin. Hacı lənətullah gedəcək Sibirə, cibişdan dolu pul, bir matişka da alıb istirahət edəcək. Mən yazıq da baxa-baxa qəbrə gedəcəyəm. Yerə girəsən, ay bəxt, yerə girəsən, yerə!.. Pərdə * * * == Ağa Kərim xan Ərdəbili == Ağa Kərim xan Ərdəbili (Komediya 4 məclisdə) Əfradi-əhli-məclis Ağa Kərim xan Ərdəbili İskəndər xan – onun oğlu Leyla xanım – onun qızı Heydər Zəngilani – qoca kişi Rəhim – onun oğlu Züleyxa xanım – onun qızı Bədircahan – qoca övrət Səfərəli – xanın aşpazı Əhməd – İskəndər xanın nökəri Minbaşı * * * Əvvəlinci məclis Vaqe olur Ağa Kərim xanın evində, otağın qabağında bağça, Rəhim ayaq üstə, Leyla xanım əyləşib taxt üstə. Rəhim. Mən çox təəccüb edirəm, Leyla xanım, əlhəmdülillah əhd-peyman elədik ölənədək bir-birimizdən ayrılmayaq; o gündən bəri mən şadlığımdan bilmirəm neyləyim. Amma sən həmişə fikirdəsən, üzün gülüb, qaşqabağın açılmır. Qana bilmirəm səbəb nədir?.. Yoxsa peşman olubsan, əzizim? Leyla xanım. Mən heç vaxt peşman olmamışam və heç vaxt olmaram. Ancaq qorxuram mane olalar... Rəhim. Məhəbbət olan yerdə təşvişə düşmək nahaqdır. Sizi inandırıram ki, nə qədər canım sağdır, səni Allahdan savay heç kim mənim əlimdən ala bilməz. Leyla xanım. Bircə fikir elə, Rəhim, sən bu evdə nökər durmusan, mənim atam da vilayətdə bir kişidir, necə ola bilər ki, o məni öz nökərinə verməyə razı olsun? Hələ övladının, qohum-əqrəbasının məzəmməti, camaatın murdar-murdar danışığı dursun kənarda... Rəhim. Belə olan surətdə mənə rüsxət ver, gedim sübut gətirim ki, mən özüm də nəciblərdənəm və sənin məhəbbətinə layiqəm. Leyla xanım. Yox... Mən ayrılığa dözə bilmərəm... Ancaq səndən təvəqqe edirəm ki, səy eləyəsən atam sənə məhəbbət gözü ilə baxsın. Bəlkə Allah kömək eləyə, onu bir tövr yola gətirək. Rəhim. Məgər, Leyla xanım, görmürsən mən gecə-gündüz xanın qabağında satınalma qul kimi əlibağlı durmuşam və həməvəqt onun xahişini əmələ gətirirəm? Leyla xanım. Lazımdır ki, qardaşım ilə də mehriban dolanasınız. Rəhim. İndiyə kimi İskəndər xan həmişə mənə mehriban və şəfaət gözilən baxıb... Odur, bax, özü də gəlir, mən gedim. (Gedir.) Leyla xanım. Ay biçarə, yamanca işə özünü də salmısan, məni də. İskəndər xan (daxil olur). Burada qeyri adam yoxdur ki, Leyla? Leyla xanım. Bir kəs yoxdur, qardaş, təkəm... Nə üçün belə bikefsən? İskəndər xan. Qısa söz, bacı, məhəbbət bəlasına düçar olmuşam, tab-taqətim kəsilibdir. Nə qədər fikir eləyirəm nicat yolu tapa bilmirəm. Atamdan da, bilirəm, mənə haray olmayacaq. Qalmışam naçar. Leyla xanım. Allah kərimdir, qardaş, söylə görüm necə işdir? İskəndər xan. Söyləyəcəyəm, bacı. Amma səndən təvəqqe eləyirəm məzəmmət etməyəsən, çünki məzəmmətdən keçibdir. Leyla xanım. Həmdərdik, qardaş, qorxma, sözünü de... İskəndər xan. Qonşuluğa bir qız gəlibdir, naxoş anası ilə bir evdə olurlar... Ev axtarmaq bəhanəsilə getmişdim onlara. Bacım, nə deyim, valeh oldum... Yazmaq ilə, danışmaq ilə onun gözəlliyini bəyan etmək olmaz. Görəsən, bacı, nə səbr məhəbbət ilə anasına pərəstar olur... Hər bir işlərindən, danışıqlarından məlum olur ki, çox nəcib adamdırlar... Hərgah atamdan mənə kömək olmasa, mən gərək bu vilayətdən gedəm, başımın çarəsini qılam... Kişi budur gəlir, gedək, dərdim çoxdur. (Gedirlər.) Ağa Kərim xan (daxil olur, dalınca Əhməd). Burada nə gəzirsən, a gədə? Hm! De görüm, nadürüst oğlu nadürüst, oğru haramzada! Əhməd (kənara). Belə də murdar, ləin adam olurmu, a başınıza dönüm? Ağa Kərim xan. Burnunun altında nə danışırsan, a gədə! De görüm burada nə qayırırsan? Əhməd. Acığın niyə tutur, ay ağa? Mən burada İskəndər xanı gözləyirəm. Ağa Kərim xan. Çöldə gözləyə bilməzsən?! Siz bu evə girəndə gözləriniz dörd olur, oranı-buranı axtarırsınız görüm hansı şeyi oğurlaya billəm. Əlinizə düşəni qoyursunuz cibinizə, qoltuğunuza, corablarınızın içinə. Haramzadalar, nadürüstlər!.. Əhməd. A başınıza dönüm, siz o adamlardan deyilsiniz ki, sizin bir dinar pulunuzu oğurlamaq mümkün ola. İndi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı qıfıllayın, ya ki, sərbaz kimi gecə-gündüz keşik çəkin, olun arxayın. Ağa Kərim xan. Qırışmal oğlunun sözünə bax, sözünə! Pulum olsa, qorxma, gizlədərəm! Siz elə məlunsunuz ki, meyiti soyarsınız. Əhməd. Ay ağa, başına dönüm, bizə nə borcdur, pulunuzu harda gizlədirsiniz, ya gizlətmirsiniz. Ağa Kərim xan. Mən sənə nə vaxt dedim ki, pulumu gizlədirəm, nə vaxt dedim? (Kənara.) Zalım oğlu deyəsən, pulların yerini bilib axı... A gədə ey, bax bundan sonra mənim qapıma gəlməyəsən, eşidirsənmi? Əhməd. Mən qələt elərəm bir də buraya gəlləm. Baş üstə, gəlmərəm. Çox lazım deyil. Ağa Kərim xan. Murdar oğlu murdarın dişlərini tökəcəyəm! Sənə deyirəm mənim qapıma gəlmə, gəlmə! Nədir sözün? Əhməd. Baş üstə. (Getmək istəyir.) Ağa Kərim xan. Dayan, geri qayıt... Əlini göstər görüm! O birisini də! Əhməd. Buyur... Ağa Kərim xan. Ayaqlarını da göstər! Əhməd. Bu da mənim ayaqlarım, buyur... Ağa Kərim xan. Bəri gətir ciblərini görüm! (Baxır.) Bu şalvar o qədər gendir ki, bunun içində hər nə istəsən gizlətmək olar. (Baxır.) Əlimə düşeydin, a dərzi, boğazından asaydım səni... Bu böyüklükdə şalvar olur? Əhməd (kənara). Mənim də əlimə düşeydi sənin pulların, nə səliqə ilə məzdərdim. Ağa Kərim xan. Burnunun altında nə mırıldayırsan, a gədə? Əhməd. Deyirəm, ağa, döşümdə də bir balaca cibim var, ona da baxın. Ağa Kərim xan. Boynuna al, görüm nə götürübsən... Tez ol, yoxsa, vallah, gönünü allam! Hə, səslən görüm! Əhməd. Ağa, vallah, heç zad götürməmişəm. Ağa Kərim xan. Bax, budur sənə deyirəm, dürüst qulağında saxla, hərgah bir də səni burada görsəm, ətini özünə yedirdəcəyəm!.. Eşitdin, di get! Əhməd. Görsəm ki, bu evə od düşüb yanır, genə yaxın gəlmərəm. (Gedir.) Ağa Kərim xan. Doğrusu ki, böyük pul saxlamaq çox çətin şeydi. Bilmirsən harada gizlədəsən. Hərgah sandığa qoyub evdə saxlarsan, olur göz qabağında. Oğrudur, girdi otağa, atdı dalına, götürüb getdi, neyləyəsən?.. Yerdə basdırsan, onu da gərək elə eləyəsən ki, görən olmasın... Bu da çox çətin işdir. Xoşbəxt o adamdır ki, pulunu qorxusuz yerdə saxlaya bilə. (Gələnləri görməyib.) Bilmirəm yaxşımı elədim, dünən gələn pulu sandıqçaya qoyub bağda yerə basdırdım. (Gələnləri görüb.) Vay, bərməla. Deyəsən eşitdilər axı... İskəndər xan, Leyla xanım daxil olurlar. Ağa Kərim xan. Nə var, nə üçün təşrif gətirmisiniz? İskəndər xan. Bir elə iş yoxdur, ata. Ağa Kərim xan. Çoxdanmı orada durmuşdunuz? İskəndər xan. Xeyr, elə gəlişimizdir. Ağa Kərim xan. Eşitdiniz ki? İskəndər xan. Bir zad eşitmədik. Ağa Kərim xan. Yalan deyirsən, ola bilməzdi ki, qulağınıza çatmayaydı. İskəndər xan. Başın üçün heç zad eşitmədik. Ağa Kərim xan. Yalan deyirsən... Mən burada öz-özümə danışırdım ki, gör zamana necə xarab olubdur ki, yüz manat pul da tapmaq olmur. Xoşbəxt o adamdır ki, onun heç olmasa bir on min manat pulu var. İskəndər xan. Ata, məgər, pulun yoxdur ki, belə ürəkdən on min manat arzu edirsən? Sənin ki, Allaha şükür... Ağa Kərim xan. Odur də, odur də... Elə danışırsınız ki, düşmənlər məni milyonçu hesab edirlər də.. Bir gün də dəlib mənim başımı kəsəcəklər o ümid ilə ki, bir sandıq pul aparsınlar; sonra baxıb görəcəklər ki, məndə bir dinar da yoxdur... Kor-peşman geri qayıdacaqlar, ancaq nahaq yerə mən bada gedəcəyəm... Canım, gözüm dünya xarab olubdur, etibar kəsilib. Hər bir dinar minib dovşan belinə... Siz də mən deyəndən demirsiniz. Bax elə sənin bu libasından təşbeh tut; neçə yol mən sizə demişəm ki, bahalı libas geymək eyibdir, axır bu libasları satsan, bir tacirə böyük maya olar. İskəndər xan. Siz ki əlhəmdülillah, bizə bir dünyada... Ağa Kərim xan. Dayan, səbr elə, bircə mənə de görüm, çəkmə əvəzinə başmaq geymək olmaz? Çəkmənin biri altı manata, başmağın biri üç abbası... Bu şalvara nə üçün düymə tikilib? Məgər tumanbağı yaramaz? Bu bağ da nə üçündür? Saya bağ ilən olmaz? Baxın görün nə qədər bica xərclər edirsiniz. Yəqin mənim pulumu oğurlayırsınız. İskəndər xan. Eyibdir, ata, elə söz demək. Ağa Kərim xan. İndi gəl, Leylanın libasından danışaq. Leyla xanım. Mənim libasımdan danışmaq lazım deyil. Çünki axır sözünüz bu olacaq ki, bir torba da başa salıb dolanmaq olar, qəbulumdur. Ağa Kərim xan. Yəni belə deyil? Bax, bu nədən ötrüdür, lent deyirsiniz, nə deyirsiniz? Leyla xanım. Doğrudur, ata, hamısı doğrudur... Ancaq qoy bu söhbət dursun kənarda, biz sənin yanına bir təvəqqeyə gəlmişik. Ağa Kərim xan. Pul-zad məndə yoxdur, heç nahaq zəhmət çəkməyin. Leyla xanım. Pul əhvalatı yoxdur, ata... Oğlun İskəndər evlənmək istəyir... Nə buyurursunuz? Ağa Kərim xan. Elə mən özüm də evlənmək barəsində danışmaq istəyirdim... Mən öz fikrimi də, sizin də fikrinizi çəkmişəm... İskəndər, bu qonşuluqda bir qız var təzə gəlibdir. Adı da Züleyxa xanım, onu görmüsənmi İskəndər. Bəli, görmüşəm. Ağa Kərim xan. O qız necə qızdır, cehizi-zadı varmı? İskəndər xan. O qız dünya xəracına dəyər... Təmiz, göyçək, ağıllı... O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxt olar... Amma cehizi yoxdur, kasıbdırlar. Ağa Kərim xan. Cehizi yoxdur! Genə azdan-çoxdan bir şey... İskəndər xan. Xeyr, yoxdur və özləri də çox üsrət ilə dolanırlar. Ağa Kərim xan. Ziyadə eyibdir... Heyf, sədd heyf. İskəndər xan. Elə qız alanın cehiz gözünə görünər? Nə söyləyirsən, ata, bir tək canı dünya xərcinə dəyər. Ağa Kərim xan. Mən çox şad oldum ki, sən o qızı tərif edirsən. Çünki bu günlərdə mən onu görmüşəm və çox da xoşuma gəlib. Qəsdim odur ki, onu özüm üçün alım. Hərçənd cehizi yoxdur, eyib eləməz, mən ev xərcini bir az əskildərəm, o da gələr cehizin yerini tutar. İskəndər. Necə, necə? Züleyxanı istəyirsən özün üçün alasan? Ağa Kərim xan. Bəs necə? Yoxsa ağlına gəlirdi ki, o qızı sənin üçün almaq istəyirəm, xa, xa, xa!.. Züleyxanı alım İskəndər üçün, xərcini də özüm çəkim, xa, xa, xa... Əcəb turş xəyaldır. İskəndər xan (kənara). Altmış yaşında qoca, Züleyxanı almaq istəyir... Allah gözdən, nəzərdən saxlasın. Ağa Kərim xan. Nə mırıldayırsan, a gədə? Elə danış mən də eşidim! İskəndər xan. Bir elə söz yoxdur. Deyirəm ki, başım ağrıyır. Ağa Kərim xan. Eybi yoxdur, get aşpazxanaya, bir az su versinlər, iç, başının ağrısı getsin. İskəndər xan. Doğru buyurursunuz, ata (kənara), getmək məsləhətdir, yoxsa işi büruzə verərəm. (Gedir.) Ağa Kərim xan. Leyla, qulaq as, gör nə deyirəm... Mənim xahişim budur ki, səni verim Ağa Heydərə və İskəndər üçün, bir dul övrət var, onu alım. Leyla (kənara). Bəli, sən verdin, mən də getdim. Ağa Kərim xan. Səni bir kişiyə vermək istəyirəm ki, heç baban da görməyib. Dövlət nə qədər kefindir... Özü sinnə dolmuş, ağlı başında, göyçək, mən yaşda, ələlxüsus məndən cahıl, cehiz də istəmir... Xərcini də özü çəkəcək. Leyla xanım. Ata, o ixtiyar gərək kimdədir? Ağa Kərim xan. Nə dedin, nə dedin? Mənim ixtiyarım yoxdur səni hər kimə istəsəm ona verməyə? Vallah, dar ağacına çəkərəm səni! Bir gözümün içinə dürüst bax! Nadürüstün balası! Məndən qız istəyirlər. Cehizsiz, xərci də özündən. Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, hə? Hay Rəhim, Rəhim. (Çağırır.) Rəhim (daxil olur). Nə buyurursunuz, ağa? Ağa Kərim xan. Mənim bu qızım dəli olub. Rəhim. Sizin sözünüz haqdır, ağa. Ağa Kərim xan. Məgər bilirsiniz biz nə barədə danışırdıq? Rəhim. Xeyr, ağa, bilmirəm... Ancaq onu bilirəm ki, siz ömrünüzdə heç vaxt səhv etməmisiniz, vəssalam. Ağa Kərim xan. Bərəkallah, doğru deyirsən... Mənim səhvim olmayıb və ola da bilməz... İndi qulaq as! Mən Leylanı vermişəm Ağa Heydərə və bu axşam da gərək iş tamam ola... O bir gözəl adamdı, nəcib, ağlı başında, dövləti həddən ziyadə. Əlavə özünün əvvəlinci övrətindən uşağı qalmayıb. Leyla xanım buyurur ki, mən ona getmərəm. Rəhim. Leyla xanım nahaq yerə belə xoşbəxtlikdən əl çəkir... Amma tələsmək lazım deyil, ağa. Ağa Kərim xan. Belə ittifaqdan əl çəkmək böyük axmaqlıqdır. Cehizsiz, xərci də özündən. Rəhim. Cehizsiz, xərci də özündən... Allah mübarək eləsin... Xanımın danışmağı nahaqdır... Doğrudur, ağa, lazımdı ki, iş tamam olsun. Ancaq bilirsiniz nə var? Evlənmək ya ərə getmək tamam ömürdə bir dəfə olar və bu işə iqdam eləmək hər bir saatda asan iş deyil... Çox vaxt bədbəxt olan tapılır. Lazımdır ki, sinndə artıq təfavüt olmasın, olanda aqibəti salamat olmur. Ağa Kərim xan. Cehizsiz, xərci də özündən... Başa düşürsən ya yox? Dəxi hanı, artıq nə lazım qurdalamaq... Yavaş, deyəsən bağda it hürür. Sən, Rəhim, gör Leylanı birtəhər yola gətirə bilərsənmi, mən bu saat qayıdıram. (Gedir.) Leyla xanım. Evi yıxılmış pul adı çəkiləndə, elə bil ki, əzizlərinin adı çəkilir... Mən bir belə qəribə adam görməmişəm... Amma Rəhim, bilmirəm sən də nə danışırdın. Rəhim. Cəhlkara haqq söz naxoş gələr... O hər nə desə, gərək cavab verəsən ki, bəli, belədir. Leyla xanım. Mən qorxuram, Rəhim, kişi məni xataya sala. Höcət adamdır, ondan hər nə desən çıxar. Rəhim. Bəli də! Rəhim ölmüşdü ki, səni onun əlindən alsınlar... And olsun Allaha, dünyayi-aləmi xaraba qoyaram... Mən atamı, anamı unudub bu qapıda səndən ötrü nökərçiliyi qəbul eləmişəm, səni dəxi əldən qoyacağam. Arxayın ol, Leyla, elə iş ola bilməz... Kişi budur gəlir, (bərkdən) qızın borcudur atası buyursa ki, qızım səni bir hambala verdim, gərək cavab versin ki, sahib-ixtiyarsınız, ata! Ələlxüsus o məqamda ki, cehizsiz və xərci də özündən ola... Ağa Kərim xan (daxil olur). Bərəkallah, Rəhim, afərin! Bu gündən sən mənə artıq xoş gəlirsən. Allah qoysa, mərhəmətim sənə çox olacaq. Leyla, bundan sonra hər nə Rəhim desə, onun sözündən çıxmayasan, eşidirsənmi? Mən gedirəm şəhərə, lazımi şeyləri almağa, siz də yavaş-yavaş hazırlaşın. Leyla xanım. Nə hazırlaşmaq? Vallah, bu saat başım bərk ağrıyır, gözlərimi də aça bilmirəm, bədənim titrəyir. (Gedir.) Ağa Kərim xan (gedə-gedə). İndi qayıdıb dişlərini tökəcəyəm ha! A zalımın qızı, bircə başa düş eyy... Cehizsiz, xərci də özündən. Rəhim, sən Leylanı əldən qoyma. (Gedir.) Rəhim. Leylanı əldən qoyan günü Allah məni yox eləsin... Ağa, dürüst arxayın ol... Leyladan əl çəkmərəm, ölsəm də... Zarafat deyil, cehizsiz, xərci də özündən... (Rəhim üzünü Leyla gedən tərəfə tutub.) Dünyada puldan yaxşı şey ola bilməz... Vaxt olar ki, Leyla xanım, atandan razılıq edərsən ki, məni dövlətli adama verdi. Cehizsiz, xərci də özündən... Atayın elə adı xandır, onda pul nə gəzir?.. Neylirsən kişinin cavanlığın? Nəcabəti, ağıl-kamalı, pulu olsun, pul! Qanırsanmı, Leyla xanım, pul, pul! Ağa Kərim xan (çöldən). Bərəkallah, qoçağım Rəhim, afərin! Rəhim (xan tərəfə baxıb). Özün öləsən, başın üçün, Ağa Kərim xan, Leylanı verdim, sən də verdin Ağa Heydərə... Pərdə * * * İkinci məclis Vaqe olur həmin otaqda. Ağa Kərim xan (tək). Vallah, axır ki, ürək döyünməsinə düşmüşəm... İt hürdükcə qaçıram bağa. Əlac nədi, qorxuram... Zalım uşaqları sandıqçanın yerini bilib, pulumu apararlar. Yerini dəyişməyə də cürət edə bilmirəm, qalmışam naçar. Bədircahan (daxil olur). Salam əleyküm... Nə olub, ağa, öz-özünə danışırsan, qadon alım? Ağa Kərim xan. Xoş gördük, Bədircahan! Kefin, damağın? Arvad, necə dolanırsan, yaxşısanmı? Bədircahan. Xoş günün olsun, ağa, birtəhər dolanıram... Yəqin, ağam nişanlısını xəyalında tutub, onunla öz-özünə danışırdı, hə?.. Ağa Kərim xan. Xeyr a a... Gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim. Bədircahan. Muzdur elə belə olar, başına dönüm. Eşşək kimi bizləməsən, yeriməz. Ağa Kərim xan. Bədircahan, mən səni elə o işdən ötrü çağırtmışam... Ancaq bir az səbr elə, bu saat qayıdıram, (kənara) bağçaya səfər lazımdır, gedim görüm sandıqça salamatdırmı? (Gedir.) Bədircahan. Bu zamanada kimsə bifayda heç kimin ağzına su damızmaz. Mənə nə olubdu?.. Ağa Kərim xanın başı üçün, ondan bir şey qopartmamış əl çəkməyəcəyəm... Donquzdan bir tük çəkmək qənimətdir. Əhməd (daxil olur). Paho, Bədircahan nənə, sən hara, bura hara, lotular aşnası? Bədircahan. Səni axtarıram, alabaş. Əhməd. Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kələkbaz? Bədircahan. Səni axtarıram ki, gözünün içinə lomboynan tüpürüm. Əhməd. Nə səbəbə xidəmat əhlinin nuri-didəsi? Bədircahan. Ağzına gələn hədyanı danışmayasan. Heyvan oğlu heyvan! Əhməd. Söyüşün də mənə qənd-şəkərdir, ay maralım! Qulaq as, xandan qorxuram məni qova. Ancaq İskəndər xanın sənlən bir vacib işi var, nə təhər olsa gərək onu bu gün görəsən. Mən bilirəm ki, sən nə işdən ötrü buraya gəlmisən. Amma. Bədircahan nənə, vallahı adını pəhləvan qoyaram, hərgah xandan bir şey qopara bilsən. Bu bir zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmur. “Vermək” dəftərində yazılmayıb. Bədircahan. Mən də Bədircahanam, Əhməd, qopartmasam, əlimi kəsərəm. Heç bilirsən mən hansı yuvanın quşuyam? Tülək tərlanam, tülək! Əhməd. Sən öləsən, nə qədər kefindir səni tərif elər. Razıməndlik elər, xəzinələr vədə elər. Axırı... heç nə, get ay batandan sonra gəl. Ayağına yıxılıb dizin-dizin sürünəsən, dilini bir qarış çıxardıb yalvarasan, bir zəqqum da verməz... Onu mən tanıyıram. Bax odur ey, topal olmuş budur gəlir, mən getdim. (Qaçır.) Ağa Kərim xan (daxil olur, kənara). Əlhəmdülillah, yerindədir... Hə, Bədircahan, söylə görüm nə var, nə yox? Bədircahan. Gözüm dəyməsin, ağa, tufu, tufu, tufu... Sən o yandan bəri gələndə dedim: görəsən Allah, bu hansı cavandır qıpqırmızı, lalə kimi, sona yerişdi... Oğlanlarım ölsün ki, doğru deyirəm. Maşallah, gözüm ayağının altına. Ağa Kərim xan. Sinnim altmışdan artıqdır ha, Bədircahan... Onunla belə gör pəhləvanam ya yox? Bədircahan. Altmış yaş, sinnin elə çiçəklənən lalə vaxtıdır, nə deyirsən, a başına dönüm! Ağa Kərim xan. Yox, Bədircahan... Heç olmasa bir iyirmicə yaş əskik olsaydı, yaman olmazdı. Bədircahan. Elə onsuz da yüz il ömür edəcəksən, başına dönüm. Çünki, bax, burnunun üstəki ziyildən mən aşkar görürəm ki, sənin ömrün yüzdən artıq olacaq. Yavaş, bir alnını mənə göstər görüm. Pəh, pəh, pəh! Başın üçün, xan, bu cızlardan yüz iyirmi iki görünür... Maşallah, maşallah! Tufu, tufu, tufu! Ağa Kərim xan. Məni ələ salma, arvad! Belə iş olmaz. Bədircahan. Nəvə-nəticələrindən artıq ömür edəcəksən... Sözdür mən sənə deyirəm. İstəyirsən inan, istəmirsən inanma. Mən oxuduğumu sənə ərz eləyirəm. Ağa Kərim xan. İstərdik sən deyən olsun... İşlərimiz nə haldadır, işlərimiz? Ondan söylə. Bədircahan. Heç soruşmaq lazım deyil... Bir işə ki, Bədircahan iqdam eləyə, o gərək həll olunsun, mümkün deyil ki, olmasın... Ağa, başın üçün, qıza, anasına o qədər səndən dedim ki, ağızları açıq qalıb, az qaldılar ki, valeh olsunlar... oğlanlarım ölsün ki, Züleyxa xanım sənə belə aşkarca aşiq-məşuq olub, dinməz-söyləməz. Ağa Kərim xan. Demək, iş düzəlibdir də, alacayıq? Bədircahan. Alacayıq hansıdır?! Bədircahan ola, əlindən iş qurtula? Elə zad olmayıb və olmayacaq... İşi o məqama gətirmişəm ki, Züleyxa xanım gəlib, buradan Leyla xanım ilə, bir yer var, oraya gedəcəklər... Bu mahnadır, məhz səni görməkdən ötrü. Ağa Kərim xan. Çox pakizə, mən də buyurum, faytonu hazır eləsinlər. Bədircahan. Afərin, xan... Bax belə ey... Faytan, fayton... Əlbəttə, qoy bilsinlər ki, Bədircahan da yer üzündə bir Bədircahandır. Ağa Kərim xan. Yavaş görüm, Bədircahan, bəs cehiz barəsində danışıq olmadı? Axır sən gərək anasına qandıraydın ki, bizim vilayətdə cehizsiz qızı heç kim almaz. Bədircahan. Allaha şükür elə, xan, papağını göyə tulla. Mən sənə qız alıram ki, ildə sənə min manat xeyri olacaq. Ağa Kərim xan. Min manat xeyri olacaq? Bəs deyirlər ki, çox kasıbdır, heç zadları yoxdur. Bədircahan. Səbrini bas, ağa, hesabına bax! Züleyxanın bir xasiyyəti var ki, gündə bircə dəfə təam yeyir. Bir parça əl böyüklüyündə çörək, bir az süd, ya qatıq, ya da ki, ikicə dənə yumurta. Vəssalam, nəğmə tamam... Zər libası, qızıl zinəti görməyə gözü yoxdur... Hesab elə, qeyri qız olsa, o səndən istəyəcək: yaxşı yemək, içmək, zər-xaradan çərkəzi tuman... Mənim kimi kasıb arvad da qapına cələndə bir şey də baxşayış eləmək lazımdır... Bu xərclərin hamısını bir yerə cəm edəndə iki mindən artıq elər. Ağa Kərim xan. Xa, xa, xa... Bugünkü sərçə dünənkinə cik-cik öyrədir. Özün öləsən. Bədircahan, qulaq as, çox yemək günahdır, zər-ziba geymək günahi-kəbir... Baxşayışın mənasını bilmərrə yadıma salmaq istəmirəm. Qonaq getmək yaxşıdır, gələn qonağı görməyə gözüm yoxdur. Hay, hay, Bədircahan, əcəb mənə mədaxil yeri göstərdin. Boynunu yerə soxum, cehizdən danış, cehizdən! Bədircahan. Cehizi yoxdur, ancaq mülkləri var, anası ölən kimi qalacaq qızına. Ağa Kərim xan. Ölmə eşşəyim, ölmə, yaz açılar, yonca bitər. Cehiz söhbəti hələ dursun, mən bir işdən qorxuram: mən qoca, o cahilə... Mən onu alandan sonra bəlkə o dinc oturmadı, onda necə olsun? Bədircahan. Bu barədə heç qorxmaq lazım deyil, çünki onun cahıl oğlanlardan bilmərrə zəhləsi gedir, görməyə gözü yoxdur. Ona xoşa gələn qocadır, qoca. Deyir ki, cahılın başında ağıl olmaz, məhəbbətə etibarı... Qoca kişi məhəbbətdə möhkəm, dünya işində mahir, imtahandan çıxmış, hər bir fəndən xəbərdar... Kişidə hənalı saqqal gərək, gözündə eynək... İndi bilirsən, ağa, nə var? Bax mən səni xəbərdar eləyirəm, hərgah doğrudan onu almaq istəyirsən, heç vaxt səy eləmə özünü cahıl göstərməyə. Allah eləməmiş, birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz. Ağa Kərim xan. Bərəkallah, Züleyxa, bərəkallah! Afərin! Bədircahan. Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş... Dost-aşnalarının, övrətlərinin bietibarlığın görmüş... Cahıldan, deyir, nə səmər... Yağış dəymiş toyuq kimi görürsən, deyir, birçəklərin darıyıblar, papaqları gəc, guya ki, boğazlarında xış qalıb... Ciblərində bir quruş yox. Ağa Kərim xan. Yəqin mənim özümdə də artıq pul yoxdur... Bəri bax görüm, Bədircahan, sən mənim başım, doğrusunu de, mən sənin özünə xoş gəlirəmmi? Bədircahan. Ay ağa, oğlanlarım ölsün ki, yalandan demirəm, mən sənin boy-buxununa baxanda az qalıram öləm. Yerişin kəklik yerişi, boyun sərv ağacı, danışanda ağzından qənd-şəkər tökülür. Qadon alım, ağa, zəhmət olmasa bir otaqda gəzin görüm. (Xan gəzir.) Xa, xa, xa!.. Pəh, pəh, pəh! Maşallah! Taha bəsdi... Ağa, bəsdi, bəsdi, bəsdi, başına dönüm. Vallah qorxuram sənə gözüm dəyə... Tufu, tufu, tufu, tufu! Ağa Kərim xan. Atamın ərvahına, Bədircahan, mən heç ömrümdə azar görməmişəm. Pamazı paltarım olur həmişə qalın... Ancaq hərdən-birdən dişlərim ağrıyır, çox vaxt belim... Bədircahan. Axır ki, ağa, səndən Züleyxa xanıma o qədər demişəm, o qədər tərif eləmişəm ki, biçarə qız səndən ötrü dəli-divanə olub. Dəxi gözünə yuxu da getmir. Ağa Kərim xan. Laçınsan, Bədircahan, laçın! Gör, Allah qoysa, səni nə qayda razı edəcəyəm. Bədircahan. Xan, bilirsən, başına dönüm, səndən bir təvəqqe edəcəyəm. Ümid ki, müzayiqə olmaya, divanda bir iş başlamışam, pul yoxdur. Ağa Kərim xan. Bədircahan, Züleyxanın neçə yaşı ola bilər? Bədircahan. Ceyran balasının on altı, ya on yeddi yaşı var, lalə vaxtıdır. Ağa, pul olmasa, böyük zərərə düşə bilərəm. Sizdən təvəqqe eləyirəm... Ağa Kərim xan. On altı, ya on yeddi... Pəh, pəh, pəh. Bədircahan. Çahi-zənəxdanı lalə üzündə... Pəh, pəh, pəh, Allah nəsib eləsin, inşallah (səktə). Divandakı iş yadıma düşəndə ovqatım təlx olur. Ağa Kərim xan. Cehizi də olsa idi, dünyada dərdim olmazdı... Heyf, sədd heyf! Bədircahan. Cehizi yoxsa da, mülkü var... İş əldən getsə evim yıxılacaq, ağa... Sənin söhbətin ortalığa düşəndə Züleyxa xanımın barmağını kəssən, xəbəri olmaz, elə üzü gülür, gözləri parıldayır... Ağa, bəs mənim işimə nə deyirsiniz? Ağa Kərim xan. Sən ki Züleyxanı belə tərif edirsən, gör sənə nələr verəcəyəm. Bədircahan. Elə mənim divan işimə kömək edərsən, dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət elər... Borc da olsa ver, ağa, başına dönüm, ölənədək sənə duaçı ollam. Ağa, Allah xatirinə müzayiqə eləmə. Ağa Kərim xan. Demək, Züleyxanı alırıqsa... yaman olmaz... Çox sağ ol. Bədircahan, hələ ki xudahafiz. Bədircahan (xanın ətəyindən tutub). Xan, balalarım sənə qurban, heç olmasa bir ikicə manat ver, qalanın özgədən taparam... Allah xatirinə, ağa! Ağa Kərim xan. Yavaş, gedib görüm fayton necə oldu? Bədircahan. Ağa, atam, anam sənə qurban, balalarım sənə qurban... Ağa, səni and verirəm Züleyxa xanımın əziz canına, bir artıq şey deyil iki manat. Ağa Kərim xan. Kimdir, a gədə, məni çağıran, burax görüm, kimdi məni çağıran? Əl çək, pəə! Əl çək deyirəm sənə! (Gedir) Bədircahan (tək). Məlun oğlu məluna bax aa!.. Buy, səni görüm dilin ağzında yansın, kişi! Sənin adın çəkiləndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir. Öl, öl, öl, canın çıxsın! Belə də xəsis olarmı, a başınıza dönüm! Ölməyəcəksən, a zındıq oğlu zındıq? Vallah öləcəksən, ehsanından yeyib, goruna min deyəcəyəm. Deyəcəyəm ha, deyəcəyəm ha! Al gəldi deyəcəyəm, Ağa Kərim xan, al gəldi! Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar. Ağa Kərim xan (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum? Əhməd. Qandım, xan. Ancaq bilmirəm elə bu libasdamı qonaqlara qulluq edəcəyəm? Ağa Kərim xan. Bəs necə məgər? Yoxsa fikrində var ki, mənim əbamı geyib qulluq edəsən? Əhməd. Xeyr, ağa, iş onda deyil. Ağa Kərim xan. Bəs nədədir? Əhməd. Ağa, başına dönüm, məgər görmürsüz arxalığım qabaqdan əl böyüklügündə yanıb, şalvarım da daldan cırılıb? Yamamaq da mümkün deyil, əyiləndə lap biabırçıdır. Ağa Kərim xan. Eybi yoxdur, çiynində qətifə olacaq, bir ucunu at çiyninə, bir ucunu da arxalığın qabağına. Özün də dik dur, heç vaxt əyilmə, dalını qonaqlara çevirmə, vəssalam! Burada bir çətin iş yoxdur. Bax, hələ onda heç zad görünməz. Qandın? Get dur yerində! İskəndər, yaxın gəl, sənin borcundur mənim nişanlım gələndə pişvazə çıxıb, ona xoş gəldin söyləyəsən və artıq xoş sifət göstərəsən. İskəndər xan. Bir səbəb yoxdur ki, mən Züleyxaya pis sifət göstərəm. Mən canımı, malımı onun yolunda nisar etməyə hazıram, dürüst arxayın olun, ata! Ağa Kərim xan. Yalan danışma, oğul, eyibdir səndən ötrü... Məlum və aşkar işdir: heç vaxt uşaqların xoşuna gəlməz ki, ataları gedib dübarə evlənə, analarının yerinə qeyri arvad gətirə. Bu sözləri nə üçün biməna danışırsan? İskəndər xan. Əlbəttə, mənası var ki, danışıram. Siz arxayın olun, ata. Züleyxanı görəndə mən elə bilirəm ki, dünyayi-aləmi mənə verdilər. Ağa Kərim xan. Hərgah bu sözləri canü dildən deyirsənsə, mən səndən razı olaram... Hər halda, səndən lazımən hürmət gözləyirəm. Qızım, Leyla, sən də bu sözlərə qulaq as, çünki sən tərəfdən də gözləyirəm hörmət və ixlasi o vücuda ki, bu evdə xanım olacaq. Leyla xanım. Əlbəttə, bizim borcumuzdur ona hörmət etmək və onun hər bir xahişini əmələ gətirmək. Dürüst arxayın olun. Ağa Kərim xan. Çox pakizə, Allah razı olsun... İndi siz gedə bilərsiniz... Leyla, İskəndər, Əhməd, gedin işlərinizdə olun! (Gedirlər.) Rəhim, Səfərəli, yaxın gəlin. Qəsdən mən sizi axıra saxladım. Səfərəli. Ağa, mən sizə aşpazlıq eləyəcəyəm ya mehtərlik? Ağa Kərim xan. Sən bu gün lazımsan necə ki, aşpaz və necə ki, mehtər, amma əvvəl gərək aşpazlıq edəsən. Səfərəli. Belə olan surətdə rüsxət verin. (Mehtər libasın çıxardıb, aşpaz libasında qalır.) Ağa Kərim xan. Hə, bərəkallah. Xa, xa, xa! Bərəkallah. Bir belə dur görüm, xa, xa, xa! Rəhim. Səfərəli bir az tənbəl olmasa, heç əvəzi yoxdur. Çox qoçaq oğlandır. Səfərəli. Səhv eləmə, Rəhim, tənbəl şah qapısında olar... Bəzi vaxt elə xan qapısında da olar... Bizim tənbəlimiz də Əhməddir, müftəxor. Ağa Kərim xan. Mən tənbəl adamı sevmirəm... Siz özünüz görürsünüz ki, gündə neçə dəfə bağa girirəm görüm meyvə-zad oğurlayan olmayıbdır. Kişi üçün tənbəllik böyük eyibdir. Bilirsən indi, Səfərəli, nə var? Bu axşam mənim neçə nəfər qonağım var, onlar üçün gərək əla xörəklər hazır edəsən. Səfərəli. Ağa, xörəklərin yaxşı olmağı bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. Nə qədər xərc çox olsa, o qədər də xörəklər yaxşı olar. Ağa Kərim xan. Pəh... axmaq oğlu axmaq! Mən ağzımı açmamış pul, pul. Guya ki, puldan sivayı gədənin dili qeyri söz tutmur. Rəhim. Mən ömrümdə heç belə namünasib cavab eşitməmişdim. Guya ki, artıq pul ilə yaxşı xörəklər bişirmək çox çətin işdir! Onu bizim Bədircahan nənə də bacarar. İş ondadır ki, az pulla yaxşı xörəklər hazır edəsən, ucuz. Səfərəli. Vallah, mənim başıma balta ilə də vursanız, mən genə başa düşə bilmirəm və bilməyəcəyəm, necə ola bilər ki, yaxşı xörəklər hazır edəsən az pulla, ucuz. Bəli, doğrudur ki, ucuz almaq olar həsrətülmülük! Bizim dildə qaraca qovurma deyirlər. On quruş versən, bir dolu sini verirlər. Ağa Kərim xan. A gədə, Səfərəli, sənin qəsdində, balam, odur ki, məni xoruza yükləyəsən, mən də ona razı ola bilməyəcəyəm, vəssalam. Rəhim. Nə üçün, qardaşım, Səfərəli, başa düşmürsən? Ağanın tələbi odur ki, yaxşı xörəklər olsun, özü də ucuz. Burada bir belə çətin məsəl yoxdur. Səfərəli. Ağa Rəhim, ola bilərmi ki, sən özün aşpazlığı qəbul edəsən, xörəklər bişirəsən, həmi yaxşı, həmi ucuz! Ağa Kərim xan. Səsini kəs, nadürüst oğlu nadürüst! Sənə hər nə buyururam ona əməl elə, yaxşı xörəklər, özü də ucuz! Səfərəli. Əlac nədi... Ağa deyir sür dərəyə, sür dərəyə. Eybi yoxdur, buyur görək, neçə qonaq olacaq? Ağa Kərim xan. Ya səkkiz, ya on. Amma sən xörək hazır elərsən altı adam üçün... ondan ötrü ki, bir xörək ki, bəs elər altı adama, o kifayət edər səkkizə də, ona da. Səfərəli. Qabaqcadan verrəm lülə kabab, ondan sonra plov, plovdan sonra... Ağa Kərim xan. Ondan sonra mən də hazır elərəm sənin üçün falaqqa-çubuq... Zalım oğlu zalım! Sənin fikrin məni xoruza yükləməkdir? Yoxsa sənin qəsdin tamam şəhəri doyurmaqdır? Rəhim. Xeyr ağa... Səfərəlinin fikri odur ki, qonaqları o qədər yedirtsin ki, yazıqlar toxluq eləyib qırılsınlar... Əzizim, qonaqlarımıza düşmən deyilik. Aşkardır ki, çox yemək az yeməkdən də qoyar. Yemək qaydasın bilmək özü bir böyük elmdir. Ağa Kərim xan. Bərəkallah Rəhim, afərin! Çörəyim sənə halal olsun! Səfərəli. Dəxi mən pəs. Rəhim. Əlavə əzin, xörəklər gərək tez ürəktutan şeylər olsunlar. Tez, bir-iki tikədən sonra yeməkdən əl çəksinlər. Ağa Kərim xan. Mən özüm çox imtahan eləmişəm, tez ürəktutan xörəklərdən birisi dögmə döşəmədir. Biri xəşildir. Birisi quymaqdır. Haflama gürzə, qorutdu aş, mal ətinin küftəsi, umac – bunlar hamısı ürəktutan şeylərdi. Rəhim. Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır elərəm. Ağa Kərim xan. İndi, Səfərəli, get, mehtər libasını gey, faytonu təmizlə və atları qoş! Səfərəli. Ay ağa, bir yolluğa mənim adımı yarıtmaz qoy, qurtarsın getsin. Vallah dəxi mən neyləyim? Ağa Kərim xan. Bu nə sözdü deyirsən, a gədə? Səfərəli. A başına dönüm, atlara biz arpa vermirik, ot vermirik, bir quru samandır, onu da veririk bir xəşmə... Belə yemlənən at at olar? Bir dəridirlər, bir sümük... Quyruğundan tutub kömək verməsən, heç ayaq üstə dura bilmirlər. Ağa Kərim xan. Yəni buradan şəhərin o başına gedə bilməzlər? Səfərəli. Ərz eləyirəm ki, heç ayaq üstə dura bilmirlər... Siz nə buyurursunuz? Rəhim. Ağa, siz heç darıxmayın, atları da mən hazır elərəm... Ancaq zəhmət olmasa, buyurun gedək görək qeyr işlərimiz nə haldadır. (Gedirlər.) Səfərəli (tək). Mən heç qana bilmirəm bu Rəhim nə girib meydana quyruğun bulayır; ay bunu elərəm, onu elərəm... Cəhənnəmə elə, gora elə! Xana bax xana! Xəşildən, quymaqdan dəm vurur. Adın da qoyub Ağa Kərim xan ağayi-Ərdəbili! Öləsən ölə! Elə havlama, xəngəl, mal ətinin küftəsi. Mal ətinin küftəsi girsin gözünə... Bədircahan, Züleyxa xanım daxil olurlar. Bədircahan. Qadan alım, Səfərəli, xan evdədirmi? Səfərəli. Bəli, evdədir. Bədircahan. Get xana məlum elə ki, əziz qonaq gəlibdir. Səfərəli. Baş üstə, bu saat. (Gedir.) Züleyxa xanım. Bu nə hərəkətdir, qoca? Mən gəlmişəm Leyla xanımın yanına, gəlməmişəm xanlan söhbət etməyə. Bədircahan. Eybi yoxdur, başına dönüm. O gələndə bizi yeməyəcəkdir ki. Qoy gəlsin. Züleyxa xanım. Heç vaxt ola bilməz. Get bu saat Leyla xanımı çağır! Mən hara, xan hara?.. Eyib deyilmi, camaat bizə nə deyər? Bədircahan. Ağrım xanın ürəyinə. Xan gələndə dünya qopmayacaqdır ki! İki kəlmə danışıb, çıxıb gedəcək. Züleyxa xanım. İki kəlmə olmasın, Allah vara yarım kəlmə olsun. Sənə deyirəm olmaz, olmaz, vəssalam! Bədircahan. Belə işin var idi, qabaqcadan deyəydin... İndi mən başıma nə kül töküm? Mən də anavın buyruğuna görə səni bura gətirmişəm. Züleyxa xanım. Anam çox özü üçün eləyib... Vallah, bu saat ayaqlarım titrəyir. Eyib deyilmi? Bu nə işdir sən məni saldın? Bədircahan. Nə danışırsan, a qız? Bundan yaxşı iş olar? Xanın bir ayağı çöldədir, biri qəbirdə, bu gün-sabah ölər, mal-dövlət qalar sənə, sən də hər kəsi istərsən gedərsən ona. Burada bir eyibli iş yoxdur. Hərgah mənim özümü istəyən olsa, tullana-tullana gedərəm, heç kimi də vecimə almaram. Züleyxa xanım. O arvad çox qələt eləyər ki, sahibindən sonra dübarə ərə gedər! Allah xatırına, get Leyla xanımı çağır gəlsin. Vallah, yoxsa mən bir saat da burada qalmaram. Bədircahan. Aha, indi bildim fənnini... Sənin meylin o dünən nağıl elədiyin oğlandır, bildim, bildim... Züleyxa xanım. Çox da bildin. Görək olanda eyib işdi? Altmış yaşında qoca ona taydı? Bədircahan. A qız, axmaq olma, xanın qaranquşcan ömrü qalmayıb. Nə danışırsan, bu gün-sabah təşrif aparacaq. Züleyxa xanım (qısılıb Bədircahanın böyrünə). Bu gələn eybəcər kimdir, Bədircahan? Ağa Kərim xan (daxil olur). Sən bu evə xoş gəlmisən, Züleyxa xanım, səfa gətirmisən. Mənim bu cahü cəlalım sənə peşkəşdir. Eyib tutmayın ki, mən sizin yanınıza eynək taxıb gəlməmişəm, eynəksiz də gözəlliyin aşkar görünür. Məlum işdi ki, aya, günə eynək ilə baxarlar... Bədircahan, səbəb nədir ki, Züleyxa xanım danışmır? Mən çox arzu edərdim ki, onun mübarək səsini eşidim. Bədircahan. Xan, özünüz bilirsiniz ki, qız uşağı həyalı olur, danışmaz, ələlxüsus sizi görüb biçarənin dili bilmərrə tutulub. Ağa Kərim xan. Əlbəttə, əlbəttə, həyanın özü cavanəzən üçün böyük gözəllikdir. Züleyxa xanım (kənara). Necə murdardır, nə yaman eybəcərdir, başınıza dönüm! Ağa Kərim xan. Budur gəlir mənim qızım sənin pişvazına... Qızım, gəl, gəl, gör necə həyalı qonaq bizə gəlibdir. Leyla xanım (daxil olur). Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib... Züleyxa xanım. Tez gələ bilmədim, bağışlayasınız... Leyla xanım. Xeyr, gərək siz məni bağışlayasınız, çünki əvvəl mənim borcumdu sizin yanınıza gəlmək. Ağa Kərim xan. Görürsünüz, Züleyxa xanım, mənim qızım nə tez qalxıb?.. Məlum işdir, cəngəldə ot tez bitər... Leylaya baxıb elə fikir eləməyin ki, mənim sinnim artıq ola. (Bədircahan əlini ağzına vurub, işarə edir ki, elə sözləri danışma.) Bədircahan. Ağa, nə sözdür buyurursunuz?.. Əlbəttə, gərək elə olsun. Züleyxa xanım (kənara). Görün necə heyvandır. Ağa Kərim xan. Bədircahan, barı sən dilmanc ol bizim aramızda... Bu saat əziz qonaq nə buyurdu? Bədircahan. Züleyxa xanım təəccüb edir sizin məlahətinizə, şücaətinizə... Deyir bu biçimdə mən ömrümdə adam görməmişəm. Ağa Kərim xan. Bu söz məni açdı, Bədircahan... bərəkallah Züleyxa xanım, afərin, maşallah. (Bu vaxt Ağa Kərim xanan oğlu görünür.) Budur oğlum da gəlir... Gəl, gəl, oğlum. Gəl, gəl pişvazə... Züleyxa xanım (Bədircahana). Sənə nağıl etdiyim oğlan budur... Məgər bu xanın oğlu imiş? Ağa Kərim xan. Təəccüb etməyin ki, mənim belə böyük uşaqlarım var... Mən on dörd yaşında evlənmişdim... Ona görə... (Bədircahan dübarə işarə edir.) İskəndər xan (daxil olur). Dilim tutulub, nəfəsim batıb, təəccüb edirəm xudavəndi-aləmin işlərinə... Rəva deyil ola gül xar ilə ənis... Ağa Kərim xan. Xanım, sizdən təvəqqe eləyirəm oğlumun sözünə çox da qulaq asmayasınız; çünki onun ağlında bir az əngəl var. İskəndər xan. Heç acığın tutmasın, ata... Rəva deyil, insaf deyil yetmiş yaşında qoca, ağzında bir dişi yox... Ağa Kərim xan. Danışma, kəs səsini, ud! Nadürüst oğlu nadürüst, dilini yerindən qopardaram... İş qurtarıb gedib, bu təzədən girib meydana ki, mən də varam! İskəndər xan. Allah əgər mənim Allahımdır, bu yazını pozar. Ağa Kərim xan. Keçəndən sonra, keçəndən sonra, İskəndər, bir gözümün içinə dürüst bax! Məni tanıyırsan ki! Vallahi, səni dar ağacına çəkərəm... Nəməkbəharam, nadürüst heyvan! İskəndər xan. Belin bükülüb, ağzında diş yox, başın əsir, əl-ayağın titrəyir. Sənə layiq deyil bu vaxtında evlənmək... Utan, həya elə! Ağa Kərim xan. Gədə, sənə nə olub, dəli olmusan? Başına at təpib? Heç bilirsən nə danışırsan? Çıx bu saat mənim evimdən! Sürün gözümün qabağından, nəməkbəharam! İskəndər xan. Xeyr, mən dəli olmamışam. Dəli sən olubsan ki, belə işə iqdam eləyirsən. Pərdə * * * Dördüncü məclis Vaqe olur həmin mənzildə. Ağa Kərim xan (çöldən). A gədələr! Rəhim, Səfərəli, aman günüdür, gəlin, başınıza dönüm, evim yıxılıbdı, ay aman, ay dad!.. Hər bir tərəfə qaçın, tutun oğrunu, qoymayın, a gədə, (daxil olur) ay Allah, ay peyğəmbər, göylər, ulduzlar! Məni soyublar, dədəmə od vurublar! Pulumu kim apardı, Allah?! Pulumu kim apardı?! Mənim gözəl pullarım, mənim əziz pullarım, gözümün işığı, belimin qüvvəti pulum! Vay, pulum, vay... Şikayət eləyəcəyəm yerdən, göydən... Bir divanxana qoymayacağam!.. On dəqiqə bundan əvvəl baxmışdım, pulum yerində idi... Mən nə işdi düşdüm, camaat? Mən ölürəm. Bax, canım yığıldı boğazıma... Sərbazlar, gəlin, minbaşılar, gəlin. Pulum tapılmasa bu boğazımdan özümü asacağam. Amandı qoymayın!.. (Gedə-gedə) Amandı qoymayın! Amandı qoymayın!.. (Gedir.) İskəndər xan (daxil olur). Görəsən genə nə olubdur ki, kişi qulun kimi bağırır. Yəqin bir küpədən-zaddan sındırıblar, ona görə çığırır... Deyən gərək a kişi, məgər ölməyəcəksən? Nə xəbərdi, bir belə xəsislik olar? Məgər sənə o qədər dövlət kifayət eləmir? Başın batsın, kişi! Əhməd (daxil olur). Ağa, bir bəri zəhmət çək, tez ha. İskəndər xan. Nə olub, a gədə? Atam nə üçün elə bağırırdı? Əhməd (yavaşdan). Heç dinmə, ağa, atanı öldürmüşəm, hələ çox bağıracaq. İskəndər xan. Axır genə bir de görüm nə olubdur? Əhməd. Sandıqçanı vurmuşam, içi dolu pul. İskəndər xan. Sandıqça harada idi, balam? Nə təhər yerini bildin? Əhməd. A başına dönüm, sən nə təhər adamsan? İndi söhbət məqamı deyil. Bu saat xan aləmi tökəcək buraya... Gəl görək sandıqçanı nə təhər edirik. (Gedirlər.) Minbaşı, Ağa Kərim xan daxil olurlar. Ağa Kərim xan. Ölənədək əlləşəcəyəm, dünyayi-aləmi xaraba qoyacağam... Mənim evimi yıxıblar, yurdumu tar-mar eləyiblər... Zarafat deyil, minbaşı... Bir elə pul əldən getsin. Minbaşı. Xan, səbrini bas, əvvəlinci dəfə deyil ki, mən oğru axtarıram. Allah mənə o qədər dövlət verəydi nə qədər ki, mən oğru tutmuşam, zindana salmışam. Ağa Kərim xan. Ürəyim tab tutmur, minbaşı, məni qınama, qınama! Mən gərək dünyayi-aləmin, divan əhlinin hamısını töküm buraya... Gərək mənim bu işim açıla, yoxsa tamam divanı divana sallam! Minbaşı. Nağıl elə görüm, sandıqçada nə qədər pul var idi və nə vaxt aparıblar? Ağa Kərim xan. Heç dilimə gətirə bilərəm? Sandıqçada var idi iki min tümən qızıl, basdırmışdım bağda... Sabahdan indiyə kimi beş dəfə baxmışdım. Pulumu elə bu saat aparıblar, evimi yıxıblar. Minbaşı (yazır). İki min tümən sandıqçada... Bəli, sonra... Ağa Kərim xan. Ta nə sonrası var? Dədəmə od vurublar e!.. Minbaşı. Kimə gümanın var? Ağa Kərim xan. Tamam dünyaya. Bu saat gərək şəhər əhlinin hamısını dustaq edəsən. Minbaşı. Hərgah mənim imtahanıma etibarın varsa, artıq küy-qalmaqal lazım deyil. Hətta işi xarab da eləmək olar. Bir balaca işin üstünə düşdüm, kifayət elər, sonra sənin borcun deyil. Səfərəli (çöldən). Əvvəl quzunu soyun, sonra hər nə lazım olsa, mən özüm eləyərəm. (Daxil olur.) Ağa Kərim xan. Kimi soyursan, a gədə?! Məni, məni? Səfərəli. Xeyr, ağa, quzunu deyirəm soysunlar. Ağa Kərim xan. Hansı cəhənnəmdə qalmışdın, a gədə? Məni quzudan pis soyublar, evimi yıxıblar. Minbaşı (Səfərəliyə). Yaxın gəl görüm, qoçaq! Xan, bir az səbr elə. Sən xanın evində nəçisən? Səfərəli. Mən həmi mehtərəm, həmi aşpaz. Minbaşı. Sən qeyri fikrə düşmə, əzizim, ancaq səndən hər nə sual etsəm, ona cavab ver. Elə üzündən görürəm ki, sən təmiz oğlansan. Xanın iki min tümən pulunu oğurlayıblar. Aşkardır ki, bu ev adamının işidir. Mənə doğrusunu de görüm, bu kimin işi ola bilər? Səfərəli (kənara). Yaxşı ittifaq əlimə düşübdür. Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. Ağa Kərim xan. Açıq danış, a gədə, mızıldama. Minbaşı. Xan, Allah xatırına səbriniz olsun. Bəs kimi deyirsən? Səfərəli. Xanın əziz nökəri Rəhimi. Ağa Kərim xan. Mən pulumu gizlədiyim yerdə heç Rəhimi görmüsən bağda? Səfərəli. Bəli, elə bağda görmüşəm. Ağa Kərim xan. Əlində sandıqça görmədin? Səfərəli. Bəli, görmüşəm, balaca sandıqça. Minbaşı (yaza-yaza). Nə təhər sandıqça idi? Səfərəli. Sandıqça nə təhər olar?.. Bu böyüklükdə. (Göstərir.) Ağa Kərim xan. Mənim sandıqçam bu böyüklükdə idi. Minbaşı. Nə rəngdi? Səfərəli. Rəngi... rəngi... sandıqça rəngində. Ağa Kərim xan. Hə, hə, hə!.. Səfərəli. Qırmızı. Ağa Kərim xan. Mənim sandıqçamın rəngi qara idi. Səfərəli. Bəli də, sandıqça qara qırmızı idi. Ağa Kərim xan. Heç şəkk yoxdur ki, haman sandıqçadır... Minbaşı, yaz dəftərə, şükür Allaha ki, düşmüşük rədinə. Səfərəli. Budur Rəhim özü gəlir. (Rəhim gəlir.) Ağa Kərim xan. Bura gəl görüm... Dinməz-söyləməz al boynuna, mən sənə neyləmişəm, nəməkbəharam ki, sən məni camaat içində rüsvay elədin? Rəhim. Necə məgər, ağa? Ağa Kərim xan. Özün bilmirsən? Necə hansıdır? Rəhim. Xeyr, ağa, bilmirəm. Ağa Kərim xan. Ey nəməkbəharam, bilmirsən? Hə? Gizlətmək lazım deyil, iş aşkardır gün kimi. Mən səni götürdüm evimə, sənə etibar elədim, axırda sən belə namərd çıxdın. Al boynuna bu saat, yoxsa başını bədənindən götürdərəm! Rəhim. Ağa, müqəssirəm... Mənim qəsdim var idi əhvalatı açıb sizə bəyan edim, ancaq elə məqam tapmırdım... Allah xatırına, ağa, qəzəbnak olmayın! Minbaşı. Özünü təmizliyə çıxartmaqdan ötrü dəxi nə sözün var? Rəhim. Mən o qədər müqəssir deyiləm, necə ki siz hesab edirsiniz. Ağa Kərim xan. Qaytar, qaytar özümə mənim dövlətimi, malımı, adımı, sanımı. Rəhim. Ağa, məni məhəbbət vadar elədi, mən müqəssir deyiləm. Ağa Kərim xan. Mən pulumu axtarıram, bu məhəbbətdən dəm vurur... Vallah, yaxşı məhəbbətdir: özgənin pulunu oğurla, adını qoy məhəbbət. Rəhim. Heç kimin dövləti mənə lazım deyil. Mən bu evdə puldan ötrü nökərçilik eləmirəm. Ağa, Allah xatırına, mənim munisimi əlimdən alma! Ağa Kərim xan. Vermərəm! Dünya bərpa ola, göydən Cəbrayıl, Əzrayıl gələlər, genə vermərəm. Padşaha layiq dövlətimi oğurlamısan, hələ genə sözün vardır danışmağa! Rəhim. O şey ki mənim əlimdədir, onu oğurlamaq mümkün deyil, ağa! Ağa Kərim xan. Əlbəttə, mümkün deyil, qaytar! Rəhim. Ağa, ya məni öldür, başımı kəs, ya mənim əlimdən Leylanı al, qeyri fikrə düşməyin. Leyla güldən təmizdir... Mən də namərd adam deyiləm. Ağa Kərim xan. Bu da bir müsibət... Bu da bir müsibət... Xudaya, mən nə günah eləmişdim? Səfərəli. Ağa, mən səni elə görürəm axırda qızını oğruya verəcəksən. Rəhim. Səsini kəs, heyvan! Vallah, bu saat səni iki parça elərəm. Leyla xanım, Züleyxa xanım, Bədircahan daxil olurlar. Ağa Kərim xan. Əməyim gözüzə dursun, Leyla, bu nə işdir, bu nə müsibətdir?.. Hər ikinizi dar ağacına çəkəcəyəm, atamın ərvahına... Pul getsin, namus getsin. Minbaşı, buyur kəndir gəlsin... Tənəf, tənəf, tənəf... Ağa Heydər (daxil olub). Nə olubdur məgər, cənab Kərim xan? Nə səbəbə qəzəbnak olmusunuz? Ağa Kərim xan. Zülm, müsibət asimana bülənd olub... Öz nökərim iki min tümən pulumu oğurlayıb, qızımı da yoldan çıxardıb. Rəhim. Xan, Allahdan qorx... Hər nə mənə deyəcəksən de, amma cürətiniz yoxdur mənim üstümə oğru adı qoyasınız. Ağa Kərim xan. Ağa Heydər, bu zalım oğlu, sənin namizəd nişanlını yoldan çıxardıb... Qeyrəti sizə düşər... Nə durmusan, nə durmusan, vur bu məlun oğlunun boynunu! Ağa Heydər. Xeyr, məhəbbətə güc yoxdur... Bundan sonra Leyla mənə lazım deyil. Ağa Kərim xan. Cənab minbaşı, əhvalatdan müxbir oldunuz? İndi özünüz tənbeh kəsin.. Hərgah məndə ixtiyar olsa idi, hər ikisinin başlarını it başı kimi kəsərdim! Rəhim. Xan, bir tək Leyla xatırı üçün mən bu qapıda nökərçiliyi qəbul etdim. Mənə heç kimin cürəti yoxdur oğru desin və məni öldürmək qeyri-mümkündür. Rüstəm xan Zəngilaninin oğlunu heç kəs öldürə bilməz. Ağa Heydər və Züleyxa xanım. Nə dedin, oğlan, necə, necə? Rəhim. Bəli, atam Rüstəm xandır, anam da Xədicə xanım. Züleyxa xanım. Oğlan, səni and verirəm pərvərdigara, nağıl elə görüm sən kimsən? Rəhim. Mən Rüstəm xanın oğluyam. Qaçaqlar külfətimizi əsir elədilər, atam bir yanda qaldı, anam bir yanda qaldı, məni apardılar... On ildir mən diyarbədiyar düşüb onları axtarıram. Bu atamın möhrü, bu da anamın bazubəndi. Ağa Heydər. Oğlan, möhrü göstər görüm. (Alır.) Züleyxa xanım. Qurban sənə, oğlan, bazubəndi göstər görüm (bazubəndə baxıb). Atam oğlu qardaş (qucaqlayır), mən özüm də Rüstəm xanın qızıyam. Ağa Heydər (möhrə, bazubəndə baxıb, dizi üstə çöküb). Xudaya, şükür kəreminə! Balalarım, gəlin sizi bağrıma basım. (Qucaqlaşırlar, ağlayırlar) Rüstəm xan Zəncilani mənəm! Ağa Kərim xan. Ağlamaq kifayət elər, gözlərin aydın olsun, qardaş. Amma əzizim, mən pulumu səndən alacağam ha... İskəndər xan (daxil olub Əhməd ilə). Ata, bu camaatın yanında söz ver ki, Züleyxadan əl çəkdim, sandıqçanı bu saat gətirim. Ağa Kərim xan. Hərgah sandıqça salamat gəlib əlimə çatsa, deyərəm, əl çəkdim. İskəndər xan (Əhməddən alıb). Buyur ata! (Sandıqçanı verir.) Ağa Heydər. İşləri bilirəm. Qızım, Züleyxa, yaxın gəl. İskəndər xan, sizi bir-birinizə tapşırdım, hər ikinizi pərvərdigara... Allah mübarək eləsin. Ağa Kərim xan. Rəhim xan, Leyla, yaxın gəlin!.. Əllərinizi bəri verin. Tutun, Allah mübarək eləsin. Amma toy xərci məndən deyil ha, onu bilin! Ağa Heydər. Mən qəbul elədim, gözüm üstə. Ağa Kərim xan. Bu iki toyda mənə bir dəst libas da gərəkdir, budur qabaqcadan deyirəm. Ağa Heydər. Baş üstə, o da məndə. Minbaşı. Allah mübarək eləsin. Ağa Heydər, bəs mənə nə? Ağa Heydər. Hər nə xahiş eləsən, hazıram. Bədircahan. Ağa Kərim, bu işdə mən o qədər çənə vurmuşam, dilim, dodağım qabar olub, gəzməkdən başmaqlarım dağılıb. Bəs mən yazıq deyiləm? Ağa Kərim xan. Min yalanı bir böyrünün üstə dedin, Allah sənə lənət eləsin. Ağa Heydər. O da baş üstə, Bədircahana mən borcluyam. Rəhim. Şam hazırdır, buyurun. Gedirlər. Pərdə * * * == Dələduz == Dələduz Əhli-məclis Mirzədadaş Gülcahan – onun arvadı Məcid – cavan tacir Qurbanəli – sərkar Divanbəyi Fərraş Məmmədəli Şikayətçilər və tamaşaçılar * * * Əvvəlinci məclis Vaqe olur Məcidin dükanında. Məcid əyləşib yerdə, hesab çəkir. Məcid. Otuz yeddi manat, qırx altı manat yarım, iki yüz on iki manat... İki yüz on iki manatlıq parça satmışam kimə? Səfdərqulu xanın oğlu Səfiqulu xana... Heç deyinən, kişi, ağlına gəlirmi ki, mənim bir belə borcum var? Əstəğfürullah! Mən bundan sonra qələt elərəm nə xana, nə bəyə nisyə mal satmaram, vəssalam. Mirzədadaş (daxil olub). Salam əleyküm, qardaş oğlu. Məcid. Əleykəssalam. Mirzədadaş. Kefin yaxşıdırmı, qadan alım? Necə dolanırsan? Məcid. Əziz olasınız, nə üçün, yaxşıdır. Bir növ dolanırıq. Mirzədadaş. Anan və bacıların salamətdirlərmi ki, inşallah? Məcid. Əziz olasınız, salamətdirlər. Mirzədadaş. Məndən onlara ərzi-salam yetirib deyərsən ki, Mirzədadaş əminiz sizə dua göndərir. Məcid. Baş üstə, deyərəm. Mirzədadaş. Mən sənin atan ilə, Allah ona rəhmət eləsin, bir yerdə ömür keçirmişik, ondan yaxın mənim dostum olmayıb. Bir tikə vaxtımızdın ta axır günlərədək gah o bizim evimizdə olub, gah mən sizin. Yemək-içməyimiz həmişə bir yerdə olub Məcid. Bağışlayınız, mən sizi bircə dəfə də olsa evimizdə görməmişəm. Mirzədadaş. Necə olubdur ki, sən məni evinizdə görməmisən? Mən bu saat sənə qandırım, qadan alım. Mən qandrabandçı idim. Gecə yarısından keçmiş qaçaq mal gətirərdim. Yığardıq sizin dal otağa. Xəbər verərdik müştərilərə, bir-iki saatda malın hamısını satıb qurtarardıq. Xəlvət gecələr iş görərdik. Qandraband işi belə olur, xəlvət, gecələr... Ona görə sən məni evdə görməmisən. Məcid. Nə bilim, vallah. Mən ki sizi görməmişəm. Bəlkə də ola bilər. Mirzədadaş. Biz nəinki yoldaş, bəlkə qardaşdan artıq olmuşuq. Bir gün Araz kənarında atımın ağzını bağlayıb, yıxılıb kol dibində, qaçaq mal gözləyirdim. Gecə qaranlıq, göz-gözü görmür, beş qatır yükü mal keçdi bəri taya. Ayaq üzəngiyə qoyub düşdüm qabağa... Nə təhər oldusa kazaklar aldı üstümüzü. Allah sənə rəhmət eləsin a kişi! Qışqırdı: qaçınız! Özü qayıtdı kazaklara tərəf, başlandı atışma... Məcid. Sən mənim atamı bir pəhləvan elədin. Amma anamın sözündən belə məlum olur ki, atam bir adamımış fəqir, heç kim ilə işi olmayan qorxaq... Axşam olan kimi qapıları bərkidib, öldürsən də deyir, evdən kənara çıxmazdı... Ələlxüsus itdən, pişikdən qorxardı. Mirzədadaş. Mən o mərhumun subay vaxtından, cavanlığından danışıram. Qadan alım, kişi ki evləndi ha, arvad kimi olur. Doğru-dur, pişikdən də qorxardı. Məcid. Mənim atam elə subay vaxtında da qorxaq olub. Mən belə eşitmişəm. Mirzədadaş. Xülasə, bilirsən, qardaş oğlu, mən nə işdən ötrü yanına gəlmişəm? Neçə gündür ki, arvadım məni təngə gətirib, deyir, a kişi, sən nə bivəfa yoldaşsan, məgər adam heç olmasa həftədə bir yol qardaş oğlunu çörəyə çağırmaz, ona hörmət edib, rəfiqinin ruhunu şad eləməz? Çağır gəlsin, deyir, qardaş oğlu bu gün bizə qonaq olsun. İndi nə tövr olsa gərək səni aparam. Yoxsa arvad məni evə qoymaz. Sənin üçün qırqovulplov hazırlayıb. Məcid. Çox razıyam, ancaq bu gün məni bağışlayınız, gedə bilməyəcəyəm. Sonra vaxt olar, baş üstə, gələrəm. Mirzədadaş. Heç ola bilməz. Nə tövr olsa gərək səni aparam. Səndən təvəqqe edirəm ta bu barədə danışmayasan, vəssalam. İndi buyur görüm, alış-veriş necə keçir? Məcid. Nə üçün, şükür Allaha, bəd deyil. Mirzədadaş. O mahud topunu bəri ver görüm necə şeydir, (mahuda baxıb) bundan yaxşısı yoxdurmu? Məcid. Bu mahud ondan bir az yaxşıdır, ancaq bir az qiymətində təfavüt var. Mirzədadaş. Eybi yoxdur, olsun baha. Dövlətindən əmin bir elə də kasıb deyil... O şal topunu da bəri ver görüm. (Baxıb.) Yaxşıdır, yaman deyil. Qiymətləri? Məcid. On manat yarım mahud, şal altı manata arşını. Mirzədadaş. On manat yarım olmasın, olsun on iki manat yarım. Qardaş oğluna xeyir vermək mənim borcumdur. Minlərcə mən sənə xeyir versəm, atanın mənə elədiyi hörmətin yüzdən biri ola bilməz. Allah səni onun yerində qayım-qədim eləsin, inşallah!.. Məcid. Atam mənə vəsiyyət edib: heç kimdən yaxşılıq gözləmə və heç kimə yaxşılıq eləmə. Onda, dedi, dünyada səlamət dolanarsan. Qurbanəli (daxil olub). Salam əleyküm. Məcid. Əleykəssalam! Qurbanəli, yaxın gəl görüm. De görüm, mən sənə neçə qoyun tapşırmışdım? Qurbanəli. Sən mənə tapşırmışdın yüz əlli qoyun, otuz keçi, bir uzunqulaq. Məcid. Sən, qardaş, gərək mənə hesab verəsən, görüm mənim malım nə qədər artıb və yainki azalıb. Qurbanəli. Ərz eləyim qulluği-şərifinizə. Uzunqulağı qurd parçaladı. O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub. Məcid. Ziyanlıq olub, nə qədər? Qurbanəli. Ta o mənim yadımda qalmayıb. Ancaq bir həftə olar ki, hesab vermişəm sənin dayın oğlu Məmmədvəliyə. Məcid. Xeyr, qardaşım, belə deyil, mən malımı sənə tapşırmışam. Sən borclusan hesabı mənim özümə verəsən. Qurbanəli. Hesabı bir yol verərlər. Beş dəfə mən hesab verə bilmərəm. Hər nə sizə lazımdır, dayın oğlundan soruşa bilərsən, vəssalam! İndi elə gəlmişdim bu barədə sizə xəbər edim gedəm öz işimin dalınca. Xudahafiz. (Getmək istəyir.) Mirzədadaş. Nə qoçaqsan, balam, sən? Nə asanca belə yola düşüb təşrif aparmaq istəyirsən? Dayan!.. Qurbanəli. Nə üçün dayanım? Bəlkə dayanmadım, onda necə olsun? Mirzədadaş. Onda dartaram qulaqlarını, oxşadaram o satıb yediyin uzunqulağın qulaqlarına... Eşidirsənmi? Qurbanəli. Onu bacarmazsan. Amma hesab istəyirsiniz, baş üstə. Qoyuna azar düşmüşdü, qırılan qırılıb, qalanı durur. Mirzədadaş. Gədə! Bizə tapmaca lazım deyil, adamsan axı... Azardan nə qədər qırılıb? Qurbanəli. Otuz-qırx qoyun azardan tələf olub, on iki keçi. Uzunqulağı da qurd parçalayıb. Ta artıq nə söz? Məcid. Neçə qoyun satmısan qəssaba? Qurbanəli. Qəssaba mən qoyun satmamışam, yalan sözdür. Bir də ki yadımda deyil, bəlkə də satmışam. Mirzədadaş. Gədə! Sən bizi ələ salmısan, nədir! “Yadımda deyil, bəlkə də satmışam”. Bu hədyan oldu ki! Bu saat de görüm neçə qoyun satmısan qəssaba?.. Vallah, yoxsa sənə bir toy tutaram, adın yadından çıxar... Qurbanəli. Mən ancaq səkkiz qoyun özüm kəsmişəm, yalan deyə bilmərəm, çünki köpəkləri ac qoya bilməzdim. Bir az da özüm yemişəm. Mirzədadaş. Neçə motal tutmuşdun? Qurbanəli. Bir-iki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. Soyuq düşdü, dözə bilmədim, neyləyəydim?.. Məcid. Xa... xa... xa... Yaxşı hesab verdin. Üzün qara olsun, kömür qarası kimi. Qurbanəli. Hesab düz gələndə, əlbəttə, gülərsən. Məcid. Eybi yoxdur. İndi get, sonra məhkəmədə hesablaşarıq. Mirzədadaş. Meyitini görüm ki, səndən beş yüz manatı elə alacağam, yağdan tük çəkən kimi. Qurbanəli. Mən qoyun otaranam, doğrudur, amma öz işimi çox yaxşı bilirəm. Mən hesabımı vermişəm, qurtarıb gedib. İndi hər nə bacarırsınız, müzayiqə eləməyin. Mirzədadaş. Sən öləsən, yağdan tük çəkən kimi. Mən ölməmişəm ki, mənim qardaşım oğlunun malını yemək mümkün olsun! Qurbanəli. Arxı atlamamış özünü öyümə. Pulunuzu alandan sonra ta məni öldürməyəcəksiz ki?! (Gedir.) Mirzədadaş. Bəri bax, qardaş oğlu, sən heç fikir eləmə. Allah qoysa mən ondan birə-beş alacağam. Dur ayağa gedək görək plovumuz nə qayırır. Məcid. Siz buyurunuz, mən də bu şeyləri götürüb gəlləm. Mirzədadaş. Ta nə üçün belə? Dükanı bağla, bir yerdə gedək, bərabər. Məcid. Mən gərək bir evə dəyəm. Siz buyurunuz, mən də bu şeyləri götürüb gəlim. Mirzədadaş. Qorxuram gəlməyəsən. Ona görə mən bu şeyləri girov aparıram. Sən get evə dəy, mən də gedim görüm arvad süfrəni açıbdırmı? Bax, artıq ilişmə ha. Gedir, şeyləri qoltuğuna vurub. Pərdə * * * İkinci məclis Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur. Mirzədadaş. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün. Gülcahan. Bəsdir, a kişi, Allah xatirinə məni ələ salma. Biz acından ölürük, bu da gəlibdir iki dəst paltar belə getdi, iki dəst libas belə getdi... Mirzədadaş. Mahud bir top, yun şal bir top. İnanmırsan, a qız? İnanmırsan?.. Bəs bu nədir? Gülcahan (şala baxıb). A kişi! Bu nə işdir? Cibdə bir qəpik yox, etibar yox... Mirzədadaş. Sonra, sonra... Artıq danışma. Tez bunları gizlə, özümə də bir yer sal. Mən üç gündür azarlıyam. Qızdırma qırx dərəcədə. Bu saat gələcək... Gülcahan. Kim gələcək? A kişi, nə danışırsan? Dəli olmamısan ha?.. Mirzədadaş. Əstəğfürullah! Tez ol deyirəm sənə. Qanmırsan, tez ol? Tez ol gizlə bunları, tez! Gülcahan. Ver aparım elə yerdə gizləyim ki, heç şeytan da tapa bilməsin. (Gülcahan şeyləri alıb gedir.) Mirzədadaş (yorğana bürünüb, başını sarıyıb yıxılır taxtın üstünə). Vay-vay!.. Vay, anam vay!.. Qapı açıq qalıb, durum bağlayım. (Durub qapını bağlayıb yenə yıxılır taxtın üstünə.) Vay-vay!.. Arvad, qanmazsan. Gülcahan (qayıdıb). A kişi, elə vayıldayırsan ki, guya doğrudan da azarlamısan. Mirzədadaş. Yox, yox, qorxma... Bu saat gələcək... Üç gündür azarlıyam. Özümü, sözümü bilmirəm, qandınmı, ay arvad? Gülcahan. A kişi, yoxsa bu şeyləri oğurlamısan? Qaradovoydan qorxub, özünü bu günə salırsan? Mirzədadaş. Yox, yox. Qonaq çağırmışam qırqovulplova. Bu saat gələcək. Mən azarlamışam, ölürəm. Qapını döyürlər. Gülcahan. Kimsən, nə istəyirsən? Məcid. Mirzədadaşı görmək istəyirəm, bacı. Zəhmət olmazsa qapını aç. Mirzədadaş. Gör həkimdirmi gələn?.. Vayy!.. Aç qapını! Öldüm, Allah vayy... (Gülcahan qapını açır.) Məcid. Mirzədadaş məni qırqovulplova qonaq çağırıb. Gülcahan. Nə danışırsan, ay oğlan? Dəlisən, nəsən? Mirzədadaş bu gün üç gündür yatalaq yatır. Özünü-sözünü bilmir. O səni necə qonaq çağıra bilərdi? Mirzədadaş (sərsəm edir). Dəvəni tərsinə minmə... Qov! Qov getsin! Gülcahan. Eşidirsənmi, eşidirsənmi, ay qardaş? Ay Allah, nə yaman yerdə mən axşamladım? Bu nə iş idi mən düşdüm? Məcid. Yarım saat olar ki, Mirzədadaş mənim dükanımda idi. Bir top mahud və bir top şal götürüb gəlibdir və özümü də qırqovulplova çağırıb. Buyurdu ki, bu şeyləri girov aparıram, ondan ötrü ki, qorxuram gəlməyəsən. Gülcahan. Plov nədi, zad nədi, a başına dönüm? Üç gündür ki, nə onun, nə mənim boğazımdan bir qurtum su da keçməyibdir. Sən də, qardaşım, abadanlıqdan danışırsan. Məcid. Plov-zad istəmirəm, Allah xatirinə, mənim malımı qaytarın, götürüm gedim. Mirzədadaş. Bacadan uçdu qoyma... Dəvə göyə çıxıbdır. Bay!.. Bay!.. Gülcahan. Belə də müsibət olarmı, ay Allah? Nə günah etmişdim mən, nə günah etmişdim? Məcid. Əstəğfürullah! İşə düşdük camaat əlində... Bacım, nə oldu ki, Mirzə bir yarım saatda qarın ağrısına düşdü? Mirzədadaş. Vay, vay! Milçək göydən uçdu, ayı balası qorxdu... Məcid. Heç bir belə qaravəlli olmazdı ki, mən düşdüm... Bacı! Bu ev Mirzədadaşın evi deyil? Gülcahan. Bu ev, bəli, Mirzədadaşın evidir. Məcid. Bu ətrafda bir qeyri Mirzədadaş da var, ya yox? Gülcahan. Yaxamdan əl çəkməzsən, qardaş? Məndən nə istəyirsən? Qoymazsan görüm fələk mənim evimi necə bərbad edir? Məcid. Bacı, mən səndən şeylərimi istəyirəm. Artıq heç bir zad... Gülcahan. Belə məlum olur, sənin şeylərinin qanadı varmış, uçub gəlib bizim evə giriblər. Ta mən sənə nə deyim... Məcid. Bacı! Qoy bir mən onun qızdırmasına baxım, hərgah doğrudan şiddətli olsa, gedim həkim gətirim. Gülcahan. Həkim gündə iki dəfə gəlir. Danışdırmağa izin vermir. On birinci günündə deyir, böhran olacaq. O günü dözə bilsə, diriləcək, yoxsa gedəsidir. (Ağlayır.) Məcid. Artıq sözüm yoxdur, bacı. Mənə bir plov verdiniz ki, ölənədək yadımdan çıxmayacaq. (Gedir.) Mirzədadaş (yerdən qalxıb, başının səriyini atır). Bax, getdisə, qapını bərkit... A kişilər, belə arvad kimin var? Yaşasın belə arvad!.. Pəh, pəh, pəh! Pərdə * * * Üçüncü məclis Vaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir. Məmmədəli (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən? Mirzədadaş. Fərraşbaşı, qurban sənə, qapını aç! Məmmədəli. Olmaz, hələ vaxt deyil. Mirzədadaş. Ağa Məmmədəli! Bir işə vəkil olmaq istəyirəm. Yolunu görərəm, o sən öləsən qapını aç! Məmmədəli. Mən səni yaxşı tanıyıram, Mirzədadaş. Qabaqcan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş. Mirzədadaş. Ağa Məmmədəli! A kişi, Allaha bax, qapını aç, barı içəridə danışaq. Qurbanəli. Ala, bax bu bir manatı, qapını aç, tezcə ol, qadun alım. Məmmədəli (manatı alıb). İndi gözlərim üstə yeriniz var (qapını açıb), buyuruz. Mirzədadaş. İndi qurban sənə, Məmmədəli, bircə o Məcidin ərizəsinə izn ver baxım. Məmmədəli (Qurbanəliyə). Baş üstə verərəm. Ancaq bilirsən qardaşım, iş sən tərəf kəsilsə, gərək mənə yenə bir şey verəsiniz. Qurbanəli. Baş üstə. Mirzədadaş (ərizəni oxuyub). Ərizə çox zorba ərizədir. Sən vəkil tutmusan, səndən nəinki qoyunun, keçilərin, uzunqulağın, hətta iki motalın da pullarını alacaqlar, yağdan tük çəkən kimi. Qurbanəli. Pul nə qədər istəyir? Mirzədadaş. Çox... Papağını da satsan altından çıxa bilməyəcəksən. Beş yüz manat... Qurbanəli. O məndə beş quruş da tapa bilməyəcək. Alsın görüm hardan alır. Mirzədadaş. Görünür, sən qanundan bixəbərsən. Yağdan tük çəkən kimi alacaqlar. Fərraş boynunun ardına döyəndə taparsan. Məmmədəli. Höcət lazım deyil. Mirzədadaş hər nə deyir, sən onun sözünə bax. Qurbanəli. Fərraş boynumun ardına döyməsin, Allah verə yıxsın qarnıma döysün. Olmayanda haradan verim? Məmmədəli. Bacı oğlu, yatırdıb ağzı yerdə, o qədər goparam cəmdəyinə, şişib dama dönərsən. Necə verməzsən? Zarafat deyil, sən ağzında divanbəyi deyirsən. Mirzədadaş. Eşitdin ki?.. Mən sənə deyəndə ki, yağdan tük çəkən kimi alarlar, sən naz eləyirdin. Qurbanəli. Sən böyük vəkilsən, əlac bilərsən. De görüm çarəsi nədir? Mirzədadaş. Sən məni vəkil elərsən, mən sənin əvəzində danışaram. İşi elə çevirərəm ki, o səndən bir quruş da ala bilməz... Hətta mən ondan otuzca manat cib xərcliyi alaram. Bu şərtlə ki, hər nə alsam, olsun mənim. Sən də bir on beş manat mənə öz cibindən verərsən, vəssalam. Qurbanəli. Baş üstə... Sən məni bu işdən xilas eləsən, mən sənə hələm bir kök toğlu da bağışdaram. Mirzədadaş. Hələ bir əlini cibinə sal görüm nə var, nə yox? Qurbanəli. Məni başa salmayınca ki, necə məni bu işdən qurtaracaqsan, mən əlimi cibimə sala bilməyəcəyəm. Doğrusu budur, qardaş. Mirzədadaş. Bax gör səni nə biclik ilə qurtaracağam. Hər nə divanbəyi soruşsa, sən qoyun kimi mələ, bir söz dilinə gətirmə. Vəssalam! Qalanı mənim işimdir. Məmmədəli. Bərəkallah, afərin... A kişi belə fikir heç şeytanın da ağlına gəlməzdi, bəh, bəh, bəh!.. Qurbanəli. Burada məni tanıyan yox, bilən yox, mələrəm, nə qədər kefindir. Məmmədəli. Qabaqca mələ görüm necə mələyirsən? Qurbanəli. Mə... ə... ə... mə... ə... Məmmədəli. Bərəkallah, bərəkallah, çox yaxşı... İş düzələcək, inşallah. Zəng Məmmədəli qapını açır. Camaat daxil olur. Mirzədadaş daldan oturur, Məcid və Qurbanəli qabaqda. Məmmədəli. Divanbəyi bu saat təşrif gətirəcəklər, xamuş! (Əlində siyahı.) Əliqulu Salman oğlu, qalx ayağa (qalxır.) Tükəzban Kazım qızı (qalxır), Qurbanəli Heydər oğlu, Məcid Səfdər oğlu (qalxırlar), Bəyimağa (səslər) gəlməyib. Yarməmməd (gəlməyib). Xamuş, divanbəyi daxil olur, camaat qalxır ayağa. Divanbəyi. Fərraş! Məmmədəli. Bəli, qurban! Divanbəyi. Dəvət olunun adamlar gəliblər? Məmmədəli. Bəli, qurban! Bir tək ərindən boşanmaq istəyən Bəyimağa arvad gəlməyib. Belə deyirlər ki, talaq almamış ərə gedib. Əri Məmmədyar da gəlməyib. Divanbəyi. Xub, xub... Əvvəl kimin işinə baxılacaq? Məmmədəli. Məcid və Qurbanəli, duruz qabağa. (Dururlar.) Məcid tələbdar, Qurbanəli cavabdeh. Divanbəyi. Məcid, sənin şikayətin Qurbanəlidən nə barədədir? Məcid. Mən bu Qurbanəlini özümə sərkar tutmuşdum. Yüz əlli qoyun, otuz keçi və bir uzunqulaq tapşırmışdım. Əlli qoyunumu satıb qəssab Heydərə, uzunqulağı satıb həmədanlı Məşədi Salaha, on iki keçi kürd Cəfərə. Qalan malı tapşırıb dayım oğluna, gəlib əyləşib evində. Pulları qoyub cibində məni tanımaq da istəmir. Divanbəyi. Qurbanəli, sənin sözün nədir? Qurbanəli. Mə... mə... ə... Məcid (təəccüblə). Paho! Qurbanəli, belə nöşün, balam? Mələmək nədir? Mirzədadaş. Cənab divanbəyi! Biçarənin vəkili mənəm. Qurbanəli, məni vəkil edirsənmi, sənin əvəzində cavab verim? Qurbanəli (işarə edir). Mə... mə... mə... Məcid. Əcayib, qərayib işlər! Bu Mirzədadaş mənim bir top mahudumu və bir top şalımı məzdəyib, yalandan sərsəm etmişdi. Özü mənim vəkilim ola-ola, məndən üz döndərib, müttəhimə vəkil olub. Müttəhim yalandan özünü lallığa vurur. Pa atovacan! Belə də qaravəlli ola bilər? Divanbəyi. Bu danışığın əsli mətləbə dəxli yoxdur... O barədə əlahiddə şikayət edə bilərsiniz. Məcid. Mirzədadaş məni qırqovulplova çağırmışdı. Mirzədadaş. Qırqovul tapsaydım, özüm yeyərdim. Ta sənə nöşün verirdim? Qardaşım, sən öz şikayətini elədin, indi növbət mənimdir. Qoymazsan mən də öz cavabımı verim? Məcid. Aman, dad bunun arvadının əlindən! O mənə bir dil tökdü, bir dil tökdü, başınıza dönüm, qaldım, mat-məəttəl... Bu Mirzədadaş yarım saatda yalandan yatalaq tutdu, sərsəm elədi. “Dəvəni tərsinə minmə... nə bilim, ayı elə getdi, belə getdi”. Arvad da başlayıb: “Allah, nə yaman yerdə axşamladım, bu nə müsibətdir...” Məhz mənim o bir top mahudumu və bir top şalımı məzdəmək üçün məni qırqovulplova çağırmışdı. O şeyləri girov götürmüşdü ki, birdən gəlməzsən. Mirzədadaş. Camaat, görürsünüz ki, bu oğlanın başında bir balaca işgil var... Divanbəyi. Kifayətdir... Sənin cavabın nədir cənab vəkil? Mirzədadaş. Tələbkar bu biçarəni özünə çoban tutub və borclu olub, el yaylaqdan qayıdanda buna doxsan manat pul versin. El yaylaqdan qayıtmağa on gün qalmış bunun dayısı oğlu gəlib sürünü bu biçarənin əlindən alıb, özünü də bərk-bərk döyüb, yola salıb. İndi bunun haqqını özünə vermirlər və hətta üstünə böhtan da atırlar. Qurbanəli (əliylə başına vurub ağlayır ki, guya onu döyüblər). Mə... mə... mə... Mirzədadaş. Tələbkar özü dedi ki, bu saat onun qoyunu dayısı oğlunun əlindədir və işdən məlum oldu ki, malın hesabını o alıbdır... Bundan artıq sübut ola bilməz. Məcid. Bizim aramızda şərtimiz belə olubdur ki, mədaxilin beşdən biri onun olsun... Qurbanəli (barmağını barmağına sürtür, yəni pul). Mə... mə... Divanbəyi. Çox yaxşı. Mədaxildən bir şey vermisən? Məcid. Beş yüz manatlıq mənim malımı yeyib. Ta mən ona nə mədaxil verəydim? Mirzədadaş. Mədaxil vermədiyiniz bəs deyil, hələ bu biçarənin üstünə böhtan da atırsınız? Layiqdirmi? Divanbəyi. Kifayətdir... Çünki tələbkar öz tələbini sübut edə bilmədi və öz dililə iqrar etdi ki, malı dayısı oğlundadır, qət elədim: Məciddən doxsan manat alınıb verilsin Qurbanəliyə. Və bu barədə hökm yazılsın fərraşbaşıya... Gediniz. Qurbanəli (yaxınlaşıb divanbəyinin paltarından öpür). Mə... mə... Məcid. Buna deyirlər it də getdi, ip də getdi. Pərdə * * * == Hekayələr == Ağıçı Ağıçı Bədircahanın evi şəhərin qiblə tərəfində, qayanın üstündə, çox basəfa olan yerdədir. Evinin qabaq tərəfi eniş dağdır, dal tərəfi şəhərə baxır. Həməvəq sərincə yel əsər. Yaz fəsli dağın çiçəklərinin iyin gətirir. Dağın dibində yaxşı bulaqlar var. Bulaqların üstə həmişə növbət gözləyən qız-gəlinlər əllərində səhəng görmək olur. Qabların su ilə doldurub, bir az zarafat edib, səhəngi atırlar çiyinlərinə, kəklik kimi dırmanırlar dağ yuxarı. Bədircahanın evinin sağ tərəfində, qayanın ortasında üç kaha var, çox dərin. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. Hər gün o kahalara cavan oğlanlar ətləs arxalıq, mahut çuxa dolurlar. Ora nə səbəbə gedirlər, onu bilərik öz yerində. Bədircahanın evinə dürüst olur koma demək, çünki bir otaq, bir sandıqdan suvay qeyri təmirat yoxdur. Bədircahanı tanımaqdan ötrü lazım deyil onun ata və anasını tanımaq, çünki Bədircahan onlardan yüz kərə məşhur arvaddır. Bədircahanı necə tanımaq olur? Zəmani ki, o həmi həkimlik bilir, həmi ağıçıdır, həmi mamaça, ağıçılığa çatıncan, bir neçə gərək qeyri işlərlə məşğul olasan, ta ki aləm səni tanıya. Bədircahan cavanlığında o sənəti yaxşı bilirdi. Bilmirəm nə səbəb ondan şəhərin xanımları və bəyimləri aşkara qorxurlar. Hər nə onlardan istəsə, ona verməyə bilmirlər. Bədircahanın dövlətindən onun alagöz, qaraqaş qızı xanım kimi durub-oturur. Hələ desən bəzən anasına buyurur: – Ana, pastav sanavar! (поставь самовар!) Necə ki, bir neçə xanımlar öz nökərlərinə buyururlar. Qışın böyük çilləsində, qəzadan, hava çox xoşdur. Gün iki ağac boyu qalxmış, evin divarına yavuq yer qurumuşdu. Bədircahan həmin yerdə, daşın üstündə ayağını sallamış əyləşib, yanındakı daşların üstdə yarımcorabın qurudurdu ki, “həqqi-hu” deyib düşsün şəhərin canına. Şəhərin heç bir tərəfindən səda gəlmirdi... Ala pişik günün qabağında tənbəl uzanıb, kənarda gəzən toyuqlara, sərçələrə baxırdı. Bunlardan suvay qeyri şey gözə dəymirdi. Hər kəs Bədircahanın qırışılmış üzünə baxsaydı, yəqin ki, sual edərdi öz-özündən: görəsən bu zənan nə fikir edir? Hər dəqiqə onun surəti dəyişilirdi. Bəzi vaxt dodağını dodağının üstünə qoyub, əlini ağzına yapışdırıb, guya ki, mürgülüyürdü, bəzi vaxt gülümsünürdü. Xülasə, cürəbəcürə şəkillər göstərirdi. Çünki Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə su axırdı. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən biletsiz qaçan deməyəsən. Bədircahan o qərar ilə əyləşib məscidlərdən münacat səsi eşidib, tez qalxıb ayağa, əvvəl bir öz səsini imtahan etdi ki, görsün ağlaşmada necə cavan qız-gəlinlərin ürəyinə dağ vura bilər. Ağı havası ilə oxudu ucadan: İnna lillahi və inna ileyhi raciun. Bir tövr oxudu ki, guya ayənin mənasını da bilir. Tələsik yarımcorabını qurumamışdan ayağına geyib, necə ki, tazı dovşan görəndə qulağını şəklərdi, bizim Bədircahan xala da eləcə qalxdı ayağa, istədi dübarə eşitsin münacat səsin ki, bilsin haraya üz qoysun getməyə. Mətləbinə çatıb düzəldi yola. Günün istisindən qar əriyib, qiyamət palçıq etmişdi, amma Bədircahan elə səkirdi ki, guya əvvəl-axır palçıq nişanı yoxdur. Qoçağın tələsik getməsinə səbəblər çoxdur. Əvvəla, qızı Gülsənəmdən ötrü tezliklə bir xeyir iş, ancaq xəlvət düzəltmək istəyirdi. Bu axırıncı söz Bədircahan xalanın öz sözüdür. İkinci səbəb əvvəlincidən vacib: Bədircahan iki həftə idi ki, ağlaşmada olmamışdı. Çox pis adət eləmişdi. Hərgah ağlaşma olmasaydı, bir qeyri işə məşğul ola bilməzdi. Ona görə günü qara keçirdi. Nə qədər cavandı, təziyə yerində ağlardı... Amma oyun odur ki, onun gözü bir azacıq səlamət deyil idi. Ona görə ağlaşmaya adət etmişdi, getməyə bilmirdi. Bir də elə yerlərdə bir az mənfəət var, bir top şal Gülsənəmin çiyinliyi üçün, ya ki zərbaf, üç manat pulcığaz. Niyə getməsin? Bədircahan təəccüb ilə öz qızı Gülsənəmə nağıl edirdi ki, ay qız, indi mənim heç ağlaşmada ürəyim yanmır, axı görəsən buna səbəb nədir? Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. Nə səbəb ilə gərək Bədircahanın ürəyi yansın, zəmani ki, onun borcu xanımları, bəyimləri ağlatmaqdır ki, ay xanım və ya ki ay filan bəyxanım, sizə qurban olum, əlinizdən gedən marala canım qurban. O, canın zərbafa, bir top tirmə şala qurban edər. Ölənə maral demir, zərbafın ipək güllərinə deyir. Heç kimin həddi yoxdur Bədircahanı taqsırlı tutsun. Bədircahan palçığı yara-yara gedirdi ki, bir bədbəxtlik ona üz verdi. Başmağı ayağından çıxıb palçığın içində fövt oldu. Bir çöp tapıb istədi başmağı çıxartsın, amma çifayda, zəhməti nahaq oldu. Durdu öz-özünü qınamağa: “Mənə bir deyən yoxdur ki, ay başın batsın, niyə gedib üç gün irəlidən naxoşun yasdığının dibini kəsmirsən, indi tamam ağıçılar: kor Ümmi, piçalaqlı Anaxanım və kaftar Göhər bir-birinə növbət vermirlər?” Bədircahan xalaya deyən olmadı ki, sənin özünün ləğəbin nədir. Yaxşı ki, olmadı, əgər olsaydı, savaşardı. Bədircahan artıq başmağı axtarmadı, əlini altdakı tumanına silib, düzəldi yola. Niyə başmaqdan ötrü saatlar ötürsün. İndi təziyə yerində arvadlar zibil kimidirlər. Onların birisinin təzə başmağını Bədircahan götürsə, ona kim deyə bilərdi ki, a xala, qoltuğunun altın bircə göstər. Bu sözü deyənin ata-anasını və təzə ölən qardaş-bacısını qəbirdən çıxardar. Bir az keçmiş ikinci bədbəxtlik Bədircahandan uzaq olmadı, çünki münacat səsi gələn tərəfə gedirdi və münacat dəxi oxunmurdu, bilmədi hara getsin. Qaldı naçar, geri getmək mümkün deyildi, başmaq itibdir. Ağlaşmanı görməsəydi, bağrı çatlar, hara qayıtsın. – Əmican, qadan alım, mərhum olan kimdir? Bazara gedən baqqal Məhəmmədcəfər cavab verdi ki, bilmir mərhum olan kimdir. Bədircahan xala bir tövr sual ilə istədi ki, getdiyi yeri bilsin. Amma düz gəlmədi. “A kişilər, belə zad olmaz, axır üç saatdır ki, küçədən-küçəyə dürtüləsən, bilməyəsən ki, getdiyin yerin haradır”. Bədircahanın bağrı çatlamağa gəlirdi. Nə eləmək gərək? – Başına dönüm əmi, mən gərək tez gedəm təziyə yerinə. Çünki sonra bilmədi nə desin, fəqir Bədircahan özünü lap itirmişdi. Böylə ittifaq indiyədək ona üz verməmişdi. O bilirdi tamam şəhərdə olan mərizləri, amma mərhum olan, yəqin ki, zəhərdən, ya ki bir qeyri tez öldürən naxoşluğa mübtəla imiş, sill naxoşluğu kimi. Məhəmmədcəfər çox baməzə kişilərdəndir. Tez deyə bilmədi, o ki lazımdır. Çünki onun öz fikri idi ki, bu necə zənəndir tələsir ağlaşmağa, amma bilmir hara getsin. Əgər mərhum olan qohumlarındandır, bu gərək bilsin öz qohumunun evini, əgər ölü bunun qohumlarından deyil, niyə belə tələsir ki, başmağı da yadından çıxarıb evdə qoyub? – Ay ağılsız, sən ki bilmirsən ölən kimdir, nə borcundur ora boğulmuş it kimi gündə gedirsən? Məgər evin yoxdur, ayağını basıb altına, bir iş görəsən? Bədircahan bilirdi nə səbəbə gedir və onun mətləbini qanmaq olur. Məhəmmədcəfərin xəbəri yoxdur ki, yüz bu tövr ağlaşma axtaran zənən tapmaq olur, hansılar ki, şəhərin o küçəsindən bu küçəsinə ləhləyə-ləhləyə, gəlib-gedəndən sual gücü ilə təziyə yerini tapırlar. Ax, neçə cüt corab Tiflis ipindən qəzet çap edənlərə bu zənanlar verərlər, əgər o, elamnamələr yaza, nə vaxt və harada ölən var və kimdir. Bilmək mərhum olan kimdir. Çox vacibdir, çünki bəzi yerlərdə doyunca ağlayandan sonra bir balaca nahar da olur, nahar vaxtı şirincə söhbətlər olur: – Ay qız, Hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı. Bir ayrısı deyir: – Neyləsin, balam? Onun anası o qədər... Məhəmmədcəfər yaxşı vaxt tapmışdı ki, tamam baməzəliyindən göstərsin... Bədircahan üzünü tutdu Məhəmmədcəfərə: – Allah qoysa, bir neçə aydan sonra sənin özünə elə ağılar deyəcəyəm ki, canına dəysin... Məhəmmədcəfərin saqqalı ağarmışdı, yəqin ki, ona görə Bədircahan bu sözü ona dedi. – Buna bax, ay qız, deyəsən ölməz... imansız kaftar. Bu sözü Bədircahan elə dedi ki, guya özü on səkkiz yaşında gəlindir. Məhəmmədcəfər: – Arvad, toxumunuz yer üzündən götürülsün! Kişilər, belə də bihəya olurmu? Bu sözləri deyə-deyə Məhəmmədcəfər düzəldi bazara sarı. Bədircahan bir az uzaqlaşmış şaxsey səsi eşidildi, bildi getdiyi yeri və bir neçə dəqiqədən sonra yetişdi mətləbə. Bədircahanın dərdi bir az artdı gec gəlməyinə görə, çünki icma həddən artıq çox idi. Bildi ki, ölən dövlətlidir, onu qeyri ağıçılar qabaqlayıblar. Bir otaq qalmamışdı ki, övrətlərlə dolmamış ola. Qapının qabağında oturan övrətlər içəridə ağlayanlara səs verirdilər. Bədircahan bildi ki, ay qız, kənar dur, qadan alım, yol ver, – demədən, gedib öz yerinə çata bilməz. Əl atıb başından yaylığını kənar edib, tüklərini dağıdıb üzünə, gözünün suyunu çoxaldıb, uzaqdan hönkürə-hönkürə yetişdi meydana. Qapıda duran övrətlər biəlac yol verdilər Bədircahana. Övrətlər bir-birlərindən sual etdilər: – Ay qızlar, bu arvad, görəsən, bəyin qohumudur? Birisi dedi ki, yəqin ki, xalasıdır. Birisi dedi ki, yox, əmisi arvadıdır. Amma mümkün deyil ki, burada duran övrətlərdən Bədircahanı bilən olmaya. Həqiqət birisi ucadan başladı? – Ay qız, bu simtən Bədircahandır. Allah buna lənət eləsin. Belə pis dəyən gözü var ki, onun gözü pırtlasın. Hər nə ki yaxşıdır desə, mümkün deyil ki, o itməyə, ya ki ölməyə. Mənim balaca nəvəm onun gözü dəyməkdəncə öldü. Onu görüm öləndə dili lailahə illəllah tutmasın! Bədircahan hərçənd bu sözü eşitdi, amma yeri deyil idi ki, cavab versin. Bədircahan öz yerində əyləşmiş idi, bir neçə xanımlar daxil oldular. Onlara hörmət lazımdır. Ona görə iyirmiyədək övrət qalxdılar ayağa... Övrətlər uca əllərin qovzuyurdular ki, guya çox bərk dizlərinə vururlar. Amma... Bədircahan qiyamət edirdi. * * * Mənim vaqiəm – Ay ağa, Allaha bax! A bəy, Allaha bax! A sövdəgər, Allaha bax. Molla, amandır! Bu nəfəslər ilə yuxudan ayıldım. Bir neçə dəqiqə fikrimi başıma cəm edə bilmədim. Axırda məlum oldu ki, vaqiədə Ş. şəhərinə səyahətə təşrif aparmışam. İttifaqən xan qapısına rast düşürəm. Gördüm xan öz oğlanları ilə xam tərlan quşa uçurtma verirlər. Yanlarında bir neçə xanlıq tula. Xanın ağlını (nə danışırsan?!), sözün tərbiyətini kənara qoyaq. Biz öz xanlarımızı yaxşı tanıyırıq. “A gədə, o qırqovulları apar İvan İvaniçə deynən ağam klans eləyir. Dünən arvadı məni şəkəlüdə qonaq edib, ona gərək bir yaxşı şey bağışlayam, xəcalətindən çıxam. Bizim müsəlmanın handa bir yaxşısından İvan İvaniç mənə xoşdur. Arvadı nə, özü nə! Kişilərdə ədəb var, hörmət var. O günləri balaca qızı gəlib əlimdən öpüb “diyada, diyada” – deyə-deyə...” Bu sözləri xanın öz dilindən eşitdim. Mərhəba, necə nazikürək adamdır! Xanın bu sözlərin eşidib, mənim ürəyim də nazikləndi, xahi nə xahi, zəndim düşdü xanın balalarının üstə. Məzlum balalar!.. Atanız xam quşa uçurtma verir, sizi pərvazlandırır. Niyə Allah sizi bir sənətkar oğlu yaratmadı ki, heç bir fəhləlik sizə eyib gətirməsin? Halal, rahat bir qədər çörək sahibi olardınız və mən sizə məzlum deməzdim!.. Xan mərhum olandan sonra mülkü on yerə bölünür. Bu götür-götürü görməyəcəksiniz. İndi sizin təfavütünüz bir çobandan odur ki, sizin üstünüzdə qızıl təkbənd var, amma çoban belinə kəndir bağlayıb və onun üstə yarpaq kimi əsmir. Bir neçə müddətdən sonra sizin övladınız sizdən artıq məzlum olacaq. Elmsiz, ədəbsiz, tərbiyətsiz, qarnı ac. Və qarnı ac hər bəd əmələ gərək razı olsun. Bu ağıllar əlbəttə mənim xəyalımdan keçdi. Əgər xan məndən bu bihəyalığı eşitsəydi, yəqin ki, xan kimi cuşə gələrdi. Fəda olum sənə, xan, mən o kəsin oğluyam ki, sənin qapına bir çuval buğda təmənnasına çox gəlibdir. Demə ki, çörəyim sənə haram olsun, çünki o çörək sənin deyil. Onu alnında tər, milçək uda-uda qazanan rəiyyətdir ki, mən ona borcluyam. Xan, zəmanə qeyri zəmanədir. Mənim atam bədbəxtlərin biri idi ki, dilənçilik edirdi. Zəmanə ağıl və elm zamanıdır. Mən də on beş ildir ki, gahi ac, gahi tox elm oxuyuram və elm məni öyrədibdi nifrət ilə baxım o kəslərə ki, həmişə öz xeyirlərinə çalışırlar, qeyrilərinin başından basıb, əlini bir işə vurmayıb, tula ilə gününü keçirdələr. Bədbəxt, sənin köməyini millət istəmir. Rəhm elə öz uşaqlarına, elm və ağıl dalınca olub müftəxor olmasınlar. Layiq insan olsunlar və mən onlara nifrət ilə baxmayım, necə ki, sənin üzünə artıq tab edə bilməyib nifrət ilə baxıb düşdüm yola... Xanlıq qapıdan fikrə piçidə, bilmərrə çıxdım bazara. Səs doğraması məni fikirdən ayıltdı; açdım gözümü, sağa və sola baxıb bir əcaibat gördüm ki, hər kəs onu görüb gülməsə, özü böyük əcaibatdır: tamam sövdəgər, əla şişpapaq hacılar şirin yuxuya bülənd olublar. Birisi ayağı bura başı ora, başı bura ayağı ora, ya ki qarnı üstə tirləmə. Birisi xoruldayır, birisi mürgüləyir, birisi fısqırırdı. Bu gunə millət və məzhəb qardaşların görüb mən də güldüm. Amma mənim gülməyimdə qəm çox idi, nəinki şadlıq! “Əkinçi” istəyir ki, bu şəxslər ayılıb gözlərini açsınlar... Fısqırd, hacı, fısqırd! Dədəmiz, babamız qəzetlə yuxusun qaçırtmayıb ha! Xorulda, hacı, xorulda. Bikar bəylər dükanda tənbəki torbasına azar verməsinlər. Nə vecinə ki, namazını da qılmasan. Dincəl, hər “Allahü əkbər”dən sonra borclun şeytan kimi gözünün qabağında olub zəhmət çəkməsin. Yat, gözünü bərk yum, pul tələsi çox artıb. Birisi qəzet satmaq istəyir, birisi məscid qabağında döşənən fəhlələrə pul yığıb, yağlı bozbaşı da verməsə kəsaləti artar. Yuxula, bəlkə sir-sifətin açıla! İstəyirəm səndən bir az danışam. İstədim hacını ayıldam, hacı dedi: – Öləsən də durmaram! Ayağını qalxızdım başı yatdı, başını qalxızdım ayağı yatdı. – A kişi, bircə gör nə deyirəm, Allaha bax, aç gözünü! – yalvardım, yapışdım. Axırdan-axıra hacı gözünü açdı. Amma məni görüb “pul tələsidir” – deyib hacı, bu ildi ölmüsən, bildirmi ölmüsən, təzədən tirləndi. Vaveylanı qalxızdım: – Ay aman, ay dad! Qonşu dükandan bir hacı bir bərk əsnəyib, zorba gəyirib, əsnəyə-əsnəyə başladı: – Filani, hacı namazın qılıb, qoy yatsın... Millət dərdi və təəssübü çəkən, qəm yemə! Nə qədər yaramız artsa, o qədər bərkişərik. Namərd də əgər milləti satsa, yenə biz birləşərik... Atıl kənara, hacı, oğlundan, qızından. Bizə bacı, bizə qardaş lazımdır. Bizə bacı lazımdır bacılarımızı oxutsun, öyrətsin. Bizə qardaş lazımdır qələmi ox, dili ox, sinəsi qalxan. Əgər xoruldamaq istəyirsən, əgər rahat olmaq istəyirsən buyur qəbrə, çoxdan köhnəlmisən, bizi bağışla... Neçə müddətdi ki, vətəndə olmamışdım, istədim bəy, bəyzadələrimizi də görəm. Amma onları bir gündə tapıb əhvalpürsanlıq eləmək çox düşvardır. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır. Eləsi də var ki, bir növ-nəməklinin evində yaxşı nahardan sonra yüngülcə məşğuliyyət edir... Ya ki otağı bağlayıb özü içəridə çəkməsini yamayır, ya iki qonşu qarının yanına bir qəlyan çəkməyə gedib. Xülasə, heç bir igid çoban onları bir yerə cəm edə bilməz. Ona görə mən də üz qoydum qəbristanlığa. Ata-baba sözüdü: sənə əgər artıq qəm üz versə, get qəbristanlığa. Onda yəqin deyərsən ki, ah, nə qəm, nə dərd, dünya beş gündür, beşi də qara, dərd və qəm-kədər. Üz qoydum şəhər kənarına. Amma bir evin yanından ötəndə ağlaşma eşitdim. Fikir etdim evə görə ölən dövlətlilərdəndir. Dayandım qapıda halva gözləməyə. Yarım saat keçməmişdi, bu evdən iki-üç yüz nəfər xanlar, bəylər, sövdəgərlər, gədalar dəstə ilə çıxdı. Xəbər aldım: – Bu nədi? Dedilər ki, molla Ş. İrandan bir xoşnəva mərsiyəxan gətirdib, təziyəyə başlayıb. Bu rəcəb ayı camaat yığılacaq bu mollanın öz mənzilinə... Dəxi bəsdi, qardaş, artıq-artıq cavab lazım deyil... Vətən dərdi çəkən bu iki yüz adamdan heç biri sənə həmdərd deyil. Sən şəhər içində, biyaban əhli səndən uzaqlaşır. Camaat ərzimə qulaq assın: insaflı mən, sahibi-həqq söz, heç kəsdən vəhmim yox. Siz mollanın evinə cəm olubsunuz, çünki siz tamam bikarsınız. And olsun Allaha, sizin bu sərgərdanlığınız məni yandırır, necə ki od yandırmaz. Əgər sən, qardaş, bu neçə saat ki mərsiyəxanın hədyanına qulaq asırdın, altı qəpik öz əhli-əyalına qazansaydın Allaha da, peyğəmbərə də, imama da xoş gələrdi. Siz bir mollanın – izzət, şövkət axtaranın, bir mərsiyəxanın – cib kəsənin əsirisiniz! Nəfsə etiqadım yoxdur, sizlərdən uzaqdır. Sizlərdən bir başın qalxızıb “bu belə deyil” – deyən yox. Necə ki dərya üzündə lövbərsiz gəmi tufana qulamdır, siz də molla, mərsiyəxan qulusunuz. Molla, bu nə şövkətbazlıqdır? Mərsiyəxan, bu nə qulaq dibləmədi?! Qardaşlar, molla yer üzünə gələndən ta indiyədək şövkət, izzət axtarıb. Bunu hər tayfanın tarixi isbat edir. Tamam şəhər əhli bilir ki, mərhum Mirzə Əlif, dua zoruna ona qulaq asan müsəlmanları (ancaq onları) cənnətə aparmağa söz verərdi. Sənə fəda olum, xəlifə, sənin məqdurin var layiqi-xəlifə olmağa, öz şagirdlərini hər bir məqamda azar-bezardan saxlamağa. Plova az tamah elə. Əgər mən biləm ki, mənim ömrüm səninki kimi keçəcək, mən bir gün ömr etməzdim. Çünki bu tövr ömrü hər heyvan keçirər! Molla qonaqların ötürüb, geri gələndə məni gördü. Gözünü mənə elə bərəltdi ki, mən vahimədən bilmədim bu molladır, ya ki xandı, bəydi, sövdəgərdi, ya ki çoban. Qan-tərin içində çığırdım: – A ağa, Allaha bax, a bəy, Allaha bax, a molla, amandır, millət getdi əldən! Öz sədama ayılıb, təzədən yorğanı çəkdim başıma, uzandım amma nə hacıyanə! * * * Paho? – Kərbəlayı, həmişə sən gələsən! Buyur, buyur, a kişi, görək nə var, nə yox, ay kərbəlayı? Ay oğlan, görünür ki, ramazan olmağına görə səfərə çıxmışsan? – Xeyr, bəy, sənin başın üçün heç bilmirəm ki, bu ay ramazan ayıdır və ya ramazanın neçəsidir. Ancaq arvadın qorxusundan evdə otura bilməyib qaçmışam. – Bəri bax, ay kərbəlayı, mən ölüm bu günlərdə heç oğurluğa gedibsənmi? – A bəy, sənin başın üçün neçə vaxtdan bəri heç bir şey oğurlaya bilməmişəm, çünki bu təzə naçalnik gələndən bəri əlimiz-ayağımız kəsilibdir, bir parça ətə həsrət qalmışıq. – Söylə görüm, ay kərbəlayı, necə dolanırsız və ruzigarınız necə keçir? – Nə deyim, ay bəy, fələyin çarxı dönsün. Bir zaman var idi, qılıncımın dalı da kəsirdi, qabağı da. Amma indi lap məəttəl qalmışam, heç bilmirəm nə eləyirəm. Adıma ağa deyirlər, amma özüm bir dana qova bilmirəm... Əlimdə bir sənətim də yoxdur ki, onun ilə məişət edə bilim. Vaxt belə təhərsiz olub ki, əl tərpətmək mümkün deyildir. Genə ömrü uzun olsun keçən naçalnikin, heç olmasa xırman döyməkdən ötrü bir neçə öküz əlimə düşmüşdü. Mənim bəxtimdən, ələf olmamağına görə, onlar da götürüm düşdülər. Ona görə cümləsin kəsib yedim. İndi qalmışam naçar. – Ay kərbəlayı, o dul övrətin öküzünü qaytardınmı? Hansı ki, yaylaqdan yükü dalında və əli qoynunda biçarə övrət ağlaya-ağlaya arana qayıtdı. – Ay bəy, sənin başın üçün haman götürüm düşən öküzlərin biri haman övrətin malıydı. – Ay kərbəlayı, nə zalım adamsanmış, məgər o biçarə dul övrətə yazığın gəlmədi? – Ay bəy, bu zamanda oğurluq eləməyənlər bir parça əlsiz-ayaqsız adamlardır. Əgər oğurluq olmasa idi, mən özüm də götürüm düşərdim. Nə eləyim, oğurluq eləməyən əl-ayaq altında qalır, heç kəs ona məhəl qoymur və salam dəxi vermirlər. O günlərdə sudda bizim Səlim ağanın bir işinə baxırdılar. Ermənidən, müsəlmandan şahid çağırmışdılar. Dedim ki, ha, ha. Barmağımı dikəltdim. Cümləsi and içib Səlim ağanın tərəfinə göstərdilər. İndi ay başuva dönüm, oğurluq olmasaydı, mənim sözümə kim qulaq asardı? Ay bəy, sən mənim dərdimi artırdın, durum gedim, malım itib, mal adına görüm heç olmasa bir uzunqulaq əlimə düşərmi? – Get! Balam! Kərbəlayı, mövla sənə qənim olsun! * * * == Balaca mütəfərriqələr == Balaca mütəfərriqələr 1 – Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz? – Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu? – Nə üçün, oldu. İnşallah, “Həyat”ın müştərisi çox olacaq. Amma Allah elə edəydi ki, bir nömrəsin otuz adam oxumayaydı. – O zavisit eləyir qəzetin tsenasından, nə qədər az olsa, bir elə müştəri çox olar. – Qiyməti çox deyil ki. İldə altı manat. Yəqin ki, siz də götürəcəksiniz. – Mən çox jalet eləyirəm ki, müsəlmanca bilmirəm. – Müsəlmanca bilmirsiniz? Nə söyləyirsiniz, qardaşım... Ana dilini bilməmək?.. Vay, vay, bu olmadı ki!.. – Mən binavat deyiləm, atam-anam binavatdır. – Ana dilini öyrənmək bir çətin şey deyil, əzizim. Əlifba öyrəndin “Həyat”ı al əlinə, günbəgün oxu, bir ilin ərzində ol zəmanə mollası. Vəssalam. Dəxi nə istəyirsiniz? – Hərgah iş xodda olsa, həmişə padparom getsəm, belə panimat eləyirəm ki, bir beş-on resdən sonra bəlkə bir şey öyrənə biləm. – Allah qoysa öyrənərsiniz. Hələ ki, xudahafiz! – Xoş gəldin. Bu söhbətdən sonra dərd-qəmə aludə, üz qoydum mənzilə, dilimdə əzbər: – “Həyat”, qurban səni bizə verənə. Hərgah ruzigar on il də belə keçdi, yəqin ki, bizlər də rus tatarı kimi çatır rükət namaz yapacayuq. “Həyat” qəzeti, 12 iyun 1905, №6 * * * Balaca mütəfərriqələr 2 Neçə gün bundan əqdəm bir cavan rast gəlib məndən sual etdi: – Ağa Dərviş, yer üzündən məgər insaf bilmərrə yox olub? Nəfsi-müsəlman nə deyilən sözdür, ağa Dərviş? Rəhm, mürüvvət, insaniyyət göyəmi qaçıblar? Cavanın haləti məni təəccübləndirdi, mən sual etdim: – Oğlan, nə olub məgər? Cavan o vaxtı mənə cavab verə bilmədi, gözləri yaş ilə doldu, nəfəsi darıxdı, başladı dodaqların çeynəməyə. – İnsaf dinin yarısıdır, ağa Dərviş! Düz iki aydır mən Badkubədə sakinəm. Vasitə kağızları gətirmişdim, olub qalan pulumu xərc elədim. İndi üç gündür, demək olar ki, mən acam. Qeyrət, namus qoymur məni əl açmağa... Mən buraya gələndə o ümidlə gəldim ki, dövlətli müsəlman şəhəridir, özümə bir iş taparam, öz zəhmətimlə bir parça çörək qazanıb külfətimə göndərərəm. Vallahı, ağa Dərviş, mən heç kimdən inciməzdim, hərgah əvvəlinci günü aşkar mərd-mərdanə mənə məlum edəydilər ki, asudə yer yoxdur, get... Xeyr, üç nəfərin üçü də bu gün get, sabah gəl, bu gün get, sabah gəl deyirlər. Külfətimin gözü yolda, mən burada ac, susuz, onlar orada. Cavan biixtiyar başladı ağlamağa... – Xudaya, bu haləti heç bəndəyə göstərmə! Birisi buyurdu ki, elə sənin kimi cavanı mən çoxdan axtarırdım, əlhəmdülillah, sən öz ayağın ilə gəlmisən. Birisi buyurdu ki, sabah yox, o biri gün Hacıtərxan adamım var, gələcək, amma qayıtmayacaq, səni onun yerinə göndərərəm. Birisini ancaq bir dəfə görə bildim; bir yol da küçədə ətəklədim. Arxayın ol, – dedi, – mən sənə yer verərəm. Ondan sonra o, cənabı görmək mümkün olmadı. Qoymadılar, bu gün get, sabah gəl – dedilər. İki dəfə posta ilə kağız yazdım, cavab çıxmadı. İndi, fəda olum sənə, mən kor-peşman vilayətə qayıdıram, ancaq sizdən bir təvəqqem var. – Məndən, Dərvişdən? – Bəli, sizdən təvəqqe edirəm dövlətli qapısında dua oxuyan zamanı mənim bu dualarımı da edəsən: “Xudaya, səni and verirəm min bir adına, sən müsəlman qardaşlarının qəlbindən yalanı bilmərrə çıxart, adam aldatmağı onlara nəsib eləmə, mərdimazarlığı onlara göstərmə, rəhm, mürüvvət, insaniyyəti onlara əta elə”. Oğlan yola düşdü, mən də dərdü qəmə aludə, üz qoydum mənzilə. “Həyat” qəzeti, 14 iyun 1905, №7 * * * Balaca mütəfərriqələr 3 Bu gün də əlimdə nacağ məddah keçib bir evin darvazasının qabağında dayandım. Bir nəfər cavan sədamı eşidib, əlində “Baku” qəzetinin 52-ci nömrəsi mənə yavıqlaşıb, məndən sual etdi: – Ağa Dərviş, siz bilərsiniz, bu necə xəbərdi, bu qəzetdə yazıblar ki, guya bir neçə nəfər adamlar təəccübanə libaslarda döşlərində ərəbi yazılmış nişanələr, başlarında əmmamə, Balaxana kəndində müsəlmanlar arasında görünüblər. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqərəsində həm olublar. Cavanın bu cür sualına təbəssüm edib timsal çəkdim ki, əzizim, bir gün bir şəxsin gecə hamamdan çıxan zaman qabağında heyvan surətində bir heykəl durur, ayağı yerdə, başı göydə. O şəxs vahimədən qəşş eləyib yıxılır... Sonra məlum olur ki, bədbəxtin gözünün qabağında öz əmmaməsindən asılmış bir saman çöpü imiş. İndi nuri-didə, “Baku” qəzetinin naməlum müxbiri yəqin ki, bizim biçarə çavuşları, – hansıları ki, müsəlman camaatını ildə bir dəfə ziyarətə getməyə tərğib edirlər, – görüb onları Naxçıvanda, əsli olmayan şəxslərə bənzədib... Cavan gülüb dedi: – Maşallah, ağa Dərviş! “Həyat” qəzeti, 19 iyun 1905, №11 * * * Balaca mütəfərriqələr 4 Pəncşənbə günü bazarı dövr edib mənzilə qayıdan zamanı cənabi-sahibkəramət, ağa Rəcəbəli bəndəyə rast gəlib buyurdular ki, ağa Dərviş, bu axşam bir neçə nəfər qonağım var, təvəqqe edirəm siz də buyurasınız. Baş üstə, göz üstə – deyib mən də ağanın qulluğuna təşrif apardım. Mənzildə bir xeyli söhbətdən sonra ortalığa küftəbozbaş gəldi, göftgu şirinləndi... Qonaqlardan biri sual etdi ki, ağa Dərviş, sən bir cahandidə, kühənsal adamsan, buyur görək dünyada nemətlərdən hansı gözəlraqdır? Mən suala cavab verməmiş sahibi-xanə buyurdular ki, dünyada puldan şirin, ləzzətli, gözəl şey yozdur və heç vaxt ola da bilməz. Pulsuz adam Allah vara Ərəstu olsun, ya Bəhlul-Danəndə olsun, nə fayda! Onun ağlından, kamalından nə çıxar. Xeyr, bu dünyanınkı bişəkk-şübhə puldur, canım, pul. Vəssalam, nəğmə tamam... Cənabın bu sözlərini həzərat təsdiq etdilər. Mən ərz elədim ki, dövlət yaxşı şeydir, hərgah sahibi sahib ola və bir də, ağalarım, bu barədə insan üç qism olar: biri hər gün qazandığın yeyib, sabah Allah kərimdir deyər. Biri bir şeyi qara gün üçün kənara atar, birisi də soğan-çörəyə, duz-çörəyə, quru balığa qane olub, böyük dövlətlər cəm elər... – Xeyr, elə olmaq da bir şey deyil, dünyada istirahət də lazımdır. Bu sözləri cənab Kərbəlayı Ağa Hacı buyurdular. – Sənin milyonun ola, heç olmasa şorpa da yemiyəsən, elə olmaz ki! Günorta bir balaca qəlyanaltı hər nədən olsa olsun, amma abiguşt olmasa, mən heç yata da bilmərəm. Belə deyil, ağa Dərviş? – Xeyr, ağa, belə deyil. Dünyada hər şeydən gözəlraq naəlaclara kömək etməkdir. Əlalxüsus onların içində yuxarıdan aşağı düşəni ola. – Gördünüz, Dərviş özünə tərəf çəkdi. – Əstəğfürullah. Ağalar, mən ağzı köpüklü, meydanlarda nağıl edən İran dərvişlərindən deyiləm, lənətulla, mən qulami-millətəm. – Zarafatla dedim, ağa Dərviş, bağışla. Bir az sükut və sükutdan sonra sahibi-xanənin təvəqqe etməyinə görə bir neçə qəsidə oxudum. Başladım ki, mövlayi-mən... Xirqəvü səccadəra dadəm bəmey Əzxərabat amədəm xummar var. – Ağalar, “mey” burada, bəmənayi-məhəbbətdir və o şəxsin şənində oxunur hansı ki, insaniyyət yolunda, millət yolunda canını qurban etdi. Mən Dərviş o qeyrətə, o namusa nökərəm. Nə qədər canım sağdır, qulami-millətəm. Mövlayi-mən: Hər kera dərsər, nəbaşəd eşqi-yar Bəhri – u palanü əfsari biyar? “Yar” haman mənadan, ağalar! Millətin haləti yadıma düşdü, məni bağışlayın, davam gətirə bilmirəm, gərək havaya çıxım. Xudahafiz. “Həyat” qəzeti, 21 iyun 1905, №12 * * * Balaca mütəfərriqələr 5 – Salam əleyküm, ağa Dərviş! Oğlan, nə olub yenə, səsin tamam karvansaranı alıb başına, gözlərin gülüb, üzündən şadlıq tökülür? Mən ki səni həmişə dərd-qəmə aludə görmüşəm... İndiki halətinə səbəb nə, ağam? – Əfəndim, mən bu gün bir neçə xəbərlər eşitmişəm, ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edim. Allah təbarək və taala müxbirə ömri tulanı əta eləsin, hər bir xətadan və bəladan hifz eləsin, inşallah! – Ola bilərmi, ağa Dərviş, o xəbərlərdən məni də hali edəsiniz? – Nə buyurursunuz, əfəndim, mən nəinki sizi və qeyriləri, hətta “Həyat”ın cəmi oxuyanlarını, gərək, müjdə alıb xəbərdar edəm. – Qurban sənə, Dərviş, buyur görüm, necə işdir? – Əvvəla, əzizim, xəbər budur ki, Bakıda olan cəmi qəyyumlar məscidə yığılıb, Qurana and içiblər ki, bundan sonra yetimlərə xəyanət etməyib, onları quru yurdda qoymasınlar. Pəh, pəh, pəh! Nə gözəl əhdi-peyman, xudaya! Ya rəsulallah! Qəyyumlar sənin sevgili yetimlərinə rəhm edib, ruhi-mübarəkini şad etməyə iqdam ediblər. Allah şad edəni şad etsin, inşallah! – Pəh, pəh, pəh! Fəda olum sənə. Dərviş, ikinci xəbər nə? – İkinci xəbər, qardaşım, budur ki, dövləti-İran binagüzarlıq edibdir bir danəndə adam təyin olunsun, Bakıda olan ədliyyə məhkəmələrində mədənlərdə, zavodlarda qolu-qılçası sınıb şikəst olan fəhlələr tərəfindən həmişəlik vəkil olsun, ta ki yəhudi İzmail Dağayevin və ona bənzər vəkillərin əllərindən onları xilas etsin. İranın sahibsiz, yetim şikəstləri, gözünüz aydın olsun!.. – Pəh, pəh, pəh! Nə gözəl qeydi-mühafizətdir! – Üçüncü xəbər də, qardaşım, budur ki, keçən həftə ağsaqqallar bir böyük məclis qurublar və and üzrə qətnamə yazıblar ki, bundan sonra oğul evləndirib, qız ərə verəndə o biməna evyıxan tələbləri bir-birindən mütalibə etməsinlər və bu işləri sadə və peyğəmbəri etsinlər. Xudaya, sən özün bu qaydaya tərəqqi ver! – Bu xəbər məni açdı. Ağa Dərviş, dəxi bunun üstü yoxdur. Mən bu dəqiqə gedib bu xəbərlər barəsində dürüst əhval cəm edəcəyəm. Allah səni şad eləsin. Ağa Dərviş, xudahafiz! – Get, balam, Allah sənə yar olsun. Ancaq, qardaş, hərgah xudanəkərdə, bu xəbərlər yalan olsa, səni and verirəm cavan canına, gəlib mənə demə və məni dərd-qəmə salma. Mən də gedim mənzilə, əllərimi Allahın dərgahına ucaldıb cəhalətimizdən nicat tələb edim və yalvarım ki, zikr olunan xəbərlər yalan isə də, doğru olsun. “Həyat” qəzeti, 1 iyul 1905, №19 * * * Balaca mütəfərriqələr 6 Necə ki, ağasın sevən nökər şad olur ağası şad olanda və qəmgin olur ağasına bədbəxtlik üz verəndə, elə də qulami-millət Dərviş üçün toy-bayram olur milləti insaniyyət yolunda tərəqqi edəndə. Necə şad olmasın Dərviş?.. Pəh, pəh, pəh! Fəda olum sizə, ey sahibi-kəramət, səxavəti-millətpərəst ağalarım Məşədi Hacağa, Kərbəlayı Nemətqulu, Ağa Rəcəbəli, Kərbəlayı Şeyx Qulu və qeyriləri! Fikriniz dürüstdür, ağalarım: şüurlu oğul neylər ata malını, bişüur neylər... Dövlətimiz çox çoxdur, kifayətdir övladbəövlad. Allah daha artıq etsin! Yəqin bilin, ağalarım, siz rəhmət edəndən sonra adınız itməyib baqi qalacaq və həmişə sizə rəhmət oxunacaq, ələlxüsus indi duaçı, sonra rəhmət oxuyanlar siz bina etdiyiniz məktəbxananın şagirdləri olacaq və necə olmasınlar, küçələrdə axırı puç bisərüpa qalan uşaqlar elm oxuyub gələcəkdə adam olacaqlar. Dərviş ölənədək sizə duaçı. Təbrik edər bu gözəl, illər ilə gözlənən nicatxananı. Mübarəkdir! Ancaq qurban sizə, ağalar, bir azca tezcə olsun, çünki indi fəsli-bahardır. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı Dərviş öz sinəsindən icad edib? Xudaya pərvərdigara, bu xəbər yalan isə də doğru olsun, yoxsa qulami-millətin işi lap zayedir. “Həyat” qəzeti, 3 iyul 1905, №20 * * * Balaca mütəfərriqələr 7 – Bu nə halətdir, ağa Dərviş, yenə üzündən zəhər tökülür? Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub? – Əyləş, əyləş! Söyləyim. Bu gün mənim üçün, əfəndim, çox-çox bəd keçib. Əvvəla, nadürüstün birisi, adı böyük, özü naxələf, – necə ki, məlum oldu,-mənə yazmışdı ki, tezlikdə Allah qoysa Bakı şəhərində sakin olan İran fəhlələri üçün bir mərizxana dövləti – İran tərəfindən təmir olunacaq və mən də bu xeyir xəbərə inanıb, hazırlaşmışdım ki, şəhəri dövr edib, bu əhvalatı camaata cari edəm. Nagah məlum oldu ki, bu xəbər bilmərrə yalanmış və tamam İranda elə şəxs yoxdur ki, bu iş ağlına gəlsin. Qəmgin olmağımın əvvəlinci səbəbi budur. Genə bir-iki saat bundan keçmiş bir şəxsi-irani mənzilə təşrif gətirib, mənim əhvalımı daha artıq xərab etdi. Allah ona qəzəb eləsin! O cənab başladı ki, mən təəccüb edirəm, necə namus-qeyrət qəbul edər ki, İranın bir qonunluq rəiyyətləri qohum və əqrəbadan, külfətdən əl çəkib diyarbədiyar düşüb özgə vilayətlərdə, başıqapazlı, köməksiz, narəva sifətlərdə muzdurluqda ömr keçirsinlər! Və nə tövr? Allah göstərməsin! Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hambal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. Hələ deyəsən ağam bir neçə damcı göz yaşı da tökdü! Cənab gedəndən sonra dalandar Kərbəlayı Səfərqulu o saat mənzilə daxil olub dedi ki, ağa Dərviş, bilirsən bu kimdir? Bu cənaba tamada deyərlər, yəni fəhlə dəstəsinin külli-ixtiyarı. Zahiri xoş, batini Şümri-lənətulla! Əlavə əzin hərgah nağıl etsəm bu biçarə, bədbəxt fəhlələrin başlarına naibləri nə müsibət gətirirlər, yer-göy ağlar, ağa Dərviş... – Kərbəlayı! Eyibdir sənin üçün yalan danışmaq. Belə iş ola bilməz! – Ola bilməz?! Hay, hay! Xudahafiz, ağa Dərviş, xudahafiz! Ola bilməz, hmmm? Kərbəlayının üzündən acı təbəssüm oxuyub ondan bəridi diz qucub dərd-qəmə aludə əyləşmişəm. Nə etməli, qardaşım? Qonağım: – Allah səbr versin, – deyib mənzildən çıxdı... Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? Xudaya pərvərdigara, sən özün islamı cəhalətdən çıxart, Dərvişə də yazığın gəlsin! “Həyat” qəzeti, 7 iyul 1905, №23 * * * Balaca mütəfərriqələr 8 Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən! Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən... – Ağa Dərviş, aram tut, başına dönüm, yoxsa tamam xalqı karvansaradan qaçırdarsan. – Mövlayi-mən... – Biçarə Dərviş dəli olub, görəsən səbəb nə ola?! – Bilmək istəyirsən, əfəndim, bəs buyur bazara. Mən getdim, xudahafiz! – Get. Vallah, yenə xəbərin yalan çıxacaq, başına döyə-döyə qalacaqsan. Hanı bizim camaatda elə kəslər ki, qəlbi şad edən işlər bina etsinlər? Cənab Məşədi Nemətqulumu edəcək?.. “Həyat” qəzeti, 8 iyul 1905, №24 * * * Balaca mütəfərriqələr 9 Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil. – Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən. – Yavaş, ağa Dərviş, fəda olum sənə, yazmamışdın ki, cənabi Məşədi Nemətqulu və Kərbəlayı Ağa Hacı hərəsi on min manat ianət ediblər elm kitabları müsəlman dilində çap olmaqdan ötəri? Bəs hanı o? Belə məlum olur ki, sən camaatı ələ salmısan. Ağa Dərviş, sərhesab ol, yaxşı deyil. – Xeyr, bu işdə yalan yoxdur. Haman cənablar “Həyat” qəzetində elan ediblər elm kitabları yazan, ya tərcümə edən şəxslərə iki yüzdən üç yüz manata qədər verilsin. Və o kitablardan on min cild çap olunsun cəmi məktəbxanalarımız üçün. Məni nahaq yerə məzəmmət edirsiniz, ağalar! – Xa, xa, xa!.. Xa, xa, xa! Məşədi Nemətqulu on min manat? Kərbəlayı Ağa Hacı on min manat? Xa, xa, xa!.. Altı şahı manat qara pul necədir, ağa Dərviş? Xa, xa, xa!.. – Belə ağ yalan olmaz, ağa Dərviş. “Həyat” qəzetini bizim qalalı gətirdir, məhəllə adamı yığılırıq başına otuz-qırx nəfər oxuyur, biz də qulaq asırıq. Bağışla, ağa Dərviş, belə elanı biz orda görməmişik. – İmdiyə kimi verməyiblərsə də, bundan sonra hasil olar inşallah, yalan yoxdur. – Belə deyil, ağa Dərviş, – buyurdular sahibi-xanə. – Biri elə mən özüm, zəhmət çəkib pul qazanmışam ki, səbil edəm? Kim üçün və nədən ötrü? Mən qana bilmirəm. – Vay, vay, ağalar! Min bin zindəganı millətlər arasında dünyayi-aləmə vəlvələ salıb, hər yerdə müsəlman tayfaları zəlifü-bədbəxt, qeyrilərə qul!.. Məgər qardaşlarımızı cəhalətdən çıxarmaq, insaniyyət yoluna salmaq ibadətdən deyil? Rəcəbəli ağam! Yaramın üstə sən od basdın, belə deyil, fəda olum sənə?! – A gədə, əl suyu gətir! Ağa Dərviş, səbrini bas, dünya işidir, belə gəlib, belə gedəcək. Araya gəldi xamraşı, başlar əyildi, xortullama başladı, bir tək mənim boğazım qurudu... Amin. Qalxdım ayağa, üz qoydum mənzilə, dilimdə əzbər: Libasi-tirməyə, xəz xirqəyə allanma! Huşyar ol ki, qüssalxanada qüssal rəxtini soymağa dəyməz. “Həyat” qəzeti, 12 iyul 1905, №26 * * * Balaca mütəfərriqələr 10 – Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz. – Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı. – Şəriətimizdən məhəbbət hökmünə əməl! Budur nicat yolu. Mən ki belə qanıram, ağa Dərviş. – Bu xəyal, qardaşım, xam xəyaldır. Halva deməklə ağız şirin olmaz, qəpikpərəstlik bizim evimizi yıxıb, gecə-gündüz, vaxtbivaxt fikrimiz-zikrimiz qəpikdir. Atam, anam, bacım, qardaşım, dinü imanım qaraca qəpik deyib durmuşuq. Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. Manatlardan dəxi cəm olub, cənab Məşədi Nemətqulular əmələ gəlirlər. Sahibi-dövlət ona görə, sahibi-hörmət, mərhəmət, ələlxüsus, səxavət... O qaraca qəpiyə o qədər məhəbbətimiz var ki, qeyri işlər yadımıza düşmür. Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri. Qəpik müqabilində vətən nədir, millət nədir, insaniyyət nədir?! Yalandan Quranamı, kitabamı and içmirik o qəpikdən ötəri?! Hər nə, deyirdik, olacaq-olsun, ortalıqda ancaq qaraca qəpikdən olsun. Budur, bax, dükançılar yazırlar ki, əhli-əyalımızın ruzisindən, libasından kəsib üç ildir irəlikiyə altı yüz manat əvəzinə doqquz yüz əlli manat dükan icarəsi veririk cənab... ovun icarədarına. Neçə dəfə gedib o cənaba yalvarıb iltica etmişik ki, bu qədər icarə verməyə tavanımız yoxdur. Ərizəmizi qəbul etməyib bizi qapıdan qovub. Təvəqqemizi bunt (şuriş) hesab edib, divana məlum etməyi xahiş elədi. Budur baqi bizim millətpərəstliyimiz, insaniyyətimiz! – Doğrudan, ağa Dərviş, belə rəftar islama, şəriətə layiq deyil ha. – Mülk sahibi böyrü üstə yatacaq, icarədar müftəxorluq edəcək, neçə-neçə külfəti kəsrətdə qoyub, bir balaca fikri qəpikdə namaz qılıb adını da qoyacaqdır ki, mən müsəlmanam. Bəli də, müsəlmansan! Belə düşüb bizim işimiz, əfəndim. – Demək, o artıq alınan icarə pulu haramdır da? – İt qanından... Sizdən təvəqqe edirəm, qardaşım, gedib o cənaba deyərsiniz ki, Dərviş qulluği-şərifinizə dua yetirib ərz edir: Ah əgər məsti nümudi çün şərabi hər həram, Ol zəman məlum kəşti dərcəhan huşyar nist. “Həyat” qəzeti, 14 iyul 1905, №28 * * * Balaca mütəfərriqələr 11 Bazarı dövr edib mənzilə qayıdan zaman bir övrətə rast gəldim. Yanında iki balaca uşaqla divara söykənmiş, gözləri yaşdı. Yaxınlaşıb sual etdim: – Bacı, bu pərişanlığa səbəb nə? – Dərdim, ağa Dərviş, böyük dərddir, – dedi. – De dərdini mənə, bacı, utanma, mən də sənə qardaşam. – Qardaş, bihəyalıq edirəm, bağışla. On il bundan əqdəm məni bir qovurmaçıya ərə verdilər. Bir növ dolanırdıq. Mən palaz toxuyub satırdım, o da öz işinə məşğul idi. Üsrət grməmişdik, indi bir neçə müddət olar ki, o bədbəxt uyub bir matışkaya, bizdən üz döndərib, qalmışıq əlamanda. – Bu gözəl balalardan əl çəkib? – Bəli, başına dönüm, əl çəkib. Keçən vaxtlar hər axşam bir neçə çörək qoltuğunda, bir kasa dolu qovurma gəlirdi uşaqların yanına. Amma indi biz onun üzünü görmürük. Matışka üçün əlahiddə otaq tutub, yeməkləri, içməkləri bir yerdədir. – O xanəxərab neçə yaşındadır məgər? – Olar bir otuz beş-qırx yaşında. – Məlun, xəsərəd-dünya! – Mən onu məzəmmət edəndə ki, kişi, Allaha bax, qayıt bu yoldan, mənə sözü bu olur ki... Nə deyim, a başına dönüm, Allah abır və həyasın töksün, məgər deyə bilirəm?.. – Əstəğfürullah, rəbbü və ətubi-ileyh!.. – Matışkanı, deyir, bəyənmirsən? Onun mənə bir çəkmə, corab çıxarmağını dünya aləmə vermərəm, sən nəkarəsən. – Ya heydəri-kərrar, bu övrət nə söyləyir? – Dua yazdırmaqdan dəxi təngə gəlmişəm, əlac olmur. Olub-qalanım əldən gedib, qalmışıq sərgərdan. Hər kimə də əl açıram, nalayiq cavabdan savayı bir şey eşitmirəm... Biçarə başladı ağlamağa, tifillər də qoşuldular ona. – Ya rəsulallah, belə də müsibət olarmı? – Uşaqların əllərindən tutub gedirəm o bədbəxtin yanına, diz çöküb yalvarırıq, əlac olmur. Aşkardır ki, matışka ona qarğa beyni yedirib. Nə bilim, dəxi nə yedirib. Yoxsa əvvəldən o belə deyildi. Neçə dəfə bu fikrə düşmüşəm ki, gedib özümü də bu tifilləri də dənizə atıb tamam olaq. Amma genə bu bitəqsir tifillərə yazığım gəlib. – Kifayətdir, bacı, dəxi artıq dözə bilmirəm, al bu bir manatı, mən qayıdıram meydana, nalə çəkib camaatı başıma yığam, tapıb deyim: o məlunu çəkin bazara, tüpürün onun üzünə, əlacı budur. Bacı, bu iş camaat işidir, kömək camaatdan gərək. Ya heydəri-kərrar, səndən mədəd. “Həyat” qəzeti, 24 iyul 1905, №36 * * * Balaca mütəfərriqələr 12 Ucadan danışmaq da yəqin cəhalətin bir nişanəsidir. Ömrümdə hər nə şikayət var isə mənim, hamısı o məni təngnəfəs edən cəhalətdəndir. Xudaya, nə vaxt biz o zülmətdən xilas olacağıq?! Sübhdən gözümü açmamış dalandar cənab Kərbəlayı Səfi bağıra-bağıra mənzilə daxil oldu. – Nədir, balam, nə üçün belə bağırırsan? Yoxsa karvansaraya od düşüb? – Xeyr, elə iş yoxdur. Ancaq sənin adına kağız var. – Vay, xanəxərab, elə bundan ötəri bağırırsan? Ovqatım oldu təlx. Açdım kağızı, belə çevirdim, elə çevirdim. Bəli, gördüm ki, Nuxuda üç nəfər cənabların söhbəti olub, şkol açmaq barəsində. Mətləbi hacı başlayıb, məşədi min manat vədə edib. Pul adı çəkiləndə hacı giriz vurub: “Mən ömrümün əvvəlindən bu günə kimi çalışıb pul cəm eləmişəm ki, birdən işkola min manat verəm?” – deyib... Bəy buyurubdur ki, “pul fəqərəsi ortaya gələndə mənim də elə xoşuma gəlmir”. Xülasə, kari-xeyrə iqdam boş söhbət ilə qurtarıb. Cənab müxbir yazır belə söhbətdən sükut yaxşıraqdır. Bu kağız barəsində dərvişin bir sözü ola bilməz, ancaq bilmək istərdi o cənab hacının neçə sinni var və kim üçün dövləti qoyub, o dünyaya təşrif buyuracaqlar?.. Cənab hacı! İnsanın ömründə iki təsəllisi var: biri yuxu, biri ümid gələcəyə. Və həmçinin camaatın: genə biri yuxudur, biri də elm oxuyan cavanlar. Camaatın elm oxuyan cavanlara bircə təsəllisi qalır: yuxu!.. Necə bədbəxt yuxu! Vay balalarımızın halına! Sən istirahət elə, hacı!.. “Həyat” qəzeti, 31 iyul 1905, №40 * * * Balaca mütəfərriqələr 13 Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. Bu qərar ilə oturub mənzildə bir günü xəyalıma gətirdim yer üzündə olan müsəlman qardaşlarımın haləti-hazırını. Nə gördüm? Hər yerdə zülmət, cəhalət gördüm, tiryək gördüm, bəng gördüm, zülm gördüm; birəhm, bimürüvvət, kəmfürsət gördüm... Haqq sözü qorxuda gördüm. Şikayətləndim: Xudaya, bu qəzəb göydənmi bizə gəlib, baqidirmi, ya bizim üçün bir nicat yolu var? – Ağlım dedi: qorxma, Dərviş, ətrafa bax, nicat yolunu görərsən... Baxdım, nicat yolunu gördüm. Nədən başlamalı? Min illərdir mənbərlərdə vəzlər oxunur. Xudaya, necə gözəl vəzlər!.. Şəriətdən, insaniyyətlikdən. Onunla belə tiryəkdən əl çəkmişik? Xeyr! Yuxudan ayılmışıq? Əstəğfürullah! Rəhm-mürüvvət artıb? Müsəlmanlığa yaxınlaşmışıq? Nə, nə, nə, nə! Tərbiyətini vermək olmaz hər olan əsli badə, Atsa qovsini toxtamaz daşdan yasılğan günbədə. Bəs məlum olur ki, dərdimizə qeyri dərman da gərək. O dərman elmdir. Ancaq bal, şəkər deməklən ağız şirin olmaz, qardaşım. Elmin kitabları gərək, onları hasil etmək üçün nəqdcə pul gərək. Kitablar hazır olandan sonra kəndlərimizdə də məktəbxanalar açmaq mümkün olar. Elmlər artar tərbiyət artdıqca. Yox olar cəmi bizi təngnəfəs edən işlərimiz. Ya heydəri-kərrar, səndən mədəd! Kifayətdir, ağa Dərviş, üzün çöndər qibləyə, qolların ucalt xudavəndi-aləmin dərgahına, elə dua və səna, yalvar o cənablara, versinlər vədə olunmuş pulları. Verin! Əbdüssəlami-qulami-millət. Dərviş sizin mərhəmətinizə qurban! Verin! Vallahı, billahı, tallahı, bundan əşrəf, bundan gözəl ehsan olmaz. “Həyat” qəzeti, 14 avqust 1905, №50 * * * Balaca mütəfərriqələr 14 – Salam əleyküm, ağa Dərviş! Oğlan, heç görünmürsən, yəqin ki, qorxursan çölə çıxmağa? – Hara görünüm, atam, məgər şəhərin halından xəbərdar deyilsən? – Necə ki xəbərdar deyiləm? Xəbərdaram, yaxşı xəbərdaram. – Əhvalımız çox pərişandır, balam, çox-çox. – Bu ixtilala sən nə deyirsən, ağa Dərviş? – Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” iltihabi-səhaya deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna, üç ya dörd gündən sonra xoş gəldin baban sarı. Səlamət qurtaranların da, əgər olsa, gözləri kor, qulaqları kar qalır. Haman naxoşluq indi... mərizləri döndərib bir yırtıcı heyvana, həris insan qanına... Müsəlmanı da ki, tanıyırsan, bədən verən canavar deyil. Ona görə gözəl vətənimizin laləzar çəmənlərini, xoşbuy meşələrini, soyuq bulaqlarını, meyvədar bağlarını o naxoşluq təfiyədar qılıb... Bədtər əz in bu naxoşluqdan nə vaxt xilas olacağıq, o da naməlum. – Burası yamandır ey, ağa Dərviş, burası! – Canım, aşkara bu tayfanı bədbəxtlik basıb, iş gərək belə olmayaydı, əvvəldən pis başlanıb. – Ağa Dərviş, bəs əlac nə? – Əlac? Müsəlla... Çıxsınlar müsəllaya, başlarında Quran, İncil, Tövrat, yalvarsınlar padşahi-asimanə: Ya rəbbi, götür bu bəlanı, bu naxoşluğu bizim üstümüzdən! Əlavə müsəlmanlar da yalvarsınlar safdərunluqdan və maarifsizlikdən xilas olmağın babətindən. Sonra bir-birindən duz-çörək alıb, duz-çörəyə and içib pak qəlblə barışıb qardaş olsunlar. Budur əlacı. – Avazın xoş gəlir, ay ağa Dərviş, oxuduğun Quran olsa. Dünyavü aləmi şeytan götürüb başına, sən də abadanlıqdan danışırsan, a rəhmətliyin oğlu! – Nə deyim, qardaşım, Allah lənət eləsin şeytana! – Böyük dərd burasıdır ki, ağa Dərviş, İran fəhlələri cəmən gedirlər və belə danışıq var ki, İran dövləti özü vilayətdə işlər açacaq və o fəhlələri geri qayıtmağa qoymayacaq. – İnanma, qardaşım, əgər pir mənimdir, kəramətin bilirəm, arxayın ol. Kaş ola idi. – Axırı ki, ağa Dərviş, işlərimiz çox zaydır, Allah lənət eləsin səbəbə! – Amin, qardaşım, amin! “Həyat” qəzeti, 7 sentyabr 1905, №59 * * * Balaca mütəfərriqələr 15 – Salam əleyküm, ağa Dərviş! – Əleykəssalam, kərbəlayı! Buyur görək! – Xeyr, ağa Dərviş, bundan sonra mən bu mənzilə ayaq qoymayacağam, çünki mən səni həmişə bidamağ görürəm. Gələndə buraya, canım, mən feyziyab olmaq üçün gəlirəm, nəinki dərd-qüssə görməyə. – İxtiyar məndə olmur, əfəndim, əyləş! Nə etməli! Üç-dörd gün bundan əqdəm “Həyat”ın 70-ci nömrəsində İran barəsində Rəştdən yazılan məktubu oxudum. Biçarə vətənimin haləti məni pərişan edib. – O məktubu mən də oxudum, həqiqət, ağa Dərviş, orada işlər çox zaydır. Ancaq mən qana bilmirəm bir belə uzun qəflətə səbəb nədir? İran əhlinin qoçaqlığı, qabiliyyəti ki, aləmə məlumdur. – Oğlum! İnsanın tərəqqi etməyə və ikmala yetişməsinə mübarizeyi-həyat səbəb olur və bu mübarizə bir qanuni-ümumidir. Məxluq, heyvanat və nəbatat və tüyur arasında zəiflər puç olur, amma qəvilər davam gətirib, ömür edirlər. – Əgər bu qanun ümumidir, bəs nə üçün İranda bir iş görmürlər? – Göz açmağa orada qadir olmayıb, camaat təsəllini tapıb tiryəkdə, bəngdə, bir-iki dərincə qullab vurub, “afərin bu qullabə” – deyib, qəribə vaqiələr görməyə məşğul olurlar... Mübarizeyi-həyatda məğlub olub fot olurlar. Fəhm etdin, qardaşım! – Bəli, ağa Dərviş, qandım. Şirin-şirin yatıb, qoyunu qurda veriblər. Bəli, çəkişməsən bərkiməzsən... Zəhmət təbiət ilə insanın arasında əvvəldən mübarizədir. O mübarizə neçə-neçə gözəl işlər icad edib, dünya üzünə gətirməyə bais olub: teleqraf, telefon, qramafon və qeyri-qeyri maşınlar... Zəhmət və elm birləşib səbri-tamam ilə təbiəti basıb, insana və onun mübarizə həyatına kömək edib... – İran da kişmiş icad edir, kifayət deyilmi? – Onu da tiryəkə verib xanəxərab. – Bəs nə etməli, ağa Dərviş? – Bu suala cavab verməyi İran əyanlarına mühəvvəl elədik. “Həyat” qəzeti, 2 oktyabr 1905. №76 * * * Balaca mütəfərriqələr 16 – Sənin borcun “amin” demək olsun, kərbəlayı, artıq danışmaq lazım deyil, bugünkü xəbərlər özgə cürə xəbərlərdir! – Baş üstə, ağa Dərviş, gözüm üstə, buyur görək? – Bir. Mənim gözlərimin işığı, ağa Musa, ağa Hüseyn, ağa Mirzə və qeyriləri kasıb tələbələrimizə kömək göstəriblər, Allah onları hər bir bəladan, xətadan mühafizət eləsin. – Amin!.. – İki. Bu əhvalatı sahibi-kəramət və səxavət cənab Məşədi Nemətqulu eşidib, öz tərəfindən ildə səkkiz yüz manat həmin işdən ötəri kənara qoyub. Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın. – Amin!.. – Üç. Övrətlərimiz, iki mindən ziyadə, fəda qeyrət, bu günlərdə bir yerə cəm olub hərəsi bir imperial, ya bir düzüm mirvari atıblar araya, satılsın və cəm olan məbləğə mədrəsə üçün mənzil təmir olunsun, əlavə əzin təklif olunsun, qeyri şəhərlərdə sakin olan qeyrətli bacılara bəqədri-məqdur bu işə kömək göstərsinlər. – Amin!.. – Oğlan, mən dua etməmiş sən “amin” çağırırsan. – Ağa Dərviş, məzəmmət eləmə, axır, iş bilirsən necə gözəl işdir ey! – Doğrudur, əfəndim, pak, gözəl, mübarək işdir. – Xudaya, pərvərdigara, sən onların sahiblərinə ömri-tulani ver, kasıblarına bərəkət və özlərinə xoşbəxtlik. – Amin, ya rəbbül-aləmin! – Dörd. Cəmi alış-veriş əhli-müslimin and içiblər bundan sonra müştərilərlə xoşrəftar olsunlar, ticarəti səbri-təmam ilə etsinlər, heç kimin qəlbinə dəyməsinlər. Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın. – Amin!.. Necə məgər, amin! – Axırıncı xəbər budur ki, ermənilər hər yerdə ki var, məsləhət-məşvərətdən sonra belə tədbir ediblər və qətnamə yazıblar ki, müsəlmanlarla barışıb, keçən illər kimi can bir qəlbdə dolansınlar və sidqi-dil ilə həmvətənlik etsinlər... – Xudaya, pərvərdigara, bu xəbər yalan olmasın! – Amin... ya rəbbül-aləmin. “Həyat” qəzeti, 5 oktyabr 1905, №78 * * * Balaca mütəfərriqələr 17 – Kərbəlayı! Ay kərbəlayı! – Oğlan, bir gəlsənə görüm! – Salam əleyküm, ağa Dərviş!.. Hmmm... nə var, nə olub? – Rahat əyləş, fikrin məndə olsun, vəssalam! – Əyləşdim rahat, fikrim də səndə. Buyur, baba Dərviş, görək nə var? – Bu var ki, əfəndim, Bakıda olan cəmi zərgərlər misqal-tərəzini düzəldib noxud əhvalatına. Bir qərar qoyublar ki, bundan sonra heç kim cürət edib fikrinə də gətirə bilməz ki, bu işdə və çəkidə bir əngəl var, ya ola bilər. Hmmm, necədir? – Pəh, rəhmətliyin oğlu, mən də deyirəm görəsən nə var! Çox da tərəzi düzəldi və noxud əhvalatı da bir qərara qoyuldu, bəs onun qatmacası necə olsun? – O asandır, əfəndim, işin saflığından şəkləndim, çək divan qapısına, dədəsin yandır, vəssalam! – Bu belə, bəs sonra nə, ağa Dərviş? – Vücudu zorba, belində şal qurşaq, qurşağa sancılmış qələmdan, küçələrdə bağıran: dua yazaram, cadu yazaram, bəxt açaram, oğul verərəm, qız verərəm; – belə şəxsləri heç görmüsən, kərbəlayı? – Ço... o...x, nə olsun? – Nə olsun? O cənabların işləri zaydır, qətnamə yazılıb: harada gördünüz məzəmmət və töhmət edib qovunuz. Yaxşı xəbərdir, kərbəlayı? – Yaxşıdır, hərgah Dursunəli migüzərəd. Yəni övrətlər inansalar ki, belə vücudlar ancaq lənətə layiqdirlər, nəinki insan qadir olmayan işlərə. – Yaxşı xəbərdir, sən mübarək de, kərbəlayı! – Baş üstə, çox mübarəkdir. – Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişi mərəkə Quran gördüm... Dərvişlər bellərini əyib, ağızları köpüklü, nərə çəkib, meydanı gərdiş edirdilər. Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib, bir neçə ovsun (əfsun) kağızlarını biri bir abbasıdan satıb cənab dərvişlər başladılar oyunbazlığa. – “Bala Dərviş, əgər bilsən ki, əlimdəki nədir, bilirsən sənə nə verərəm?” – “Billəm, baba Dərviş”. – “De görüm, nədi?” – “Əlindəki, baba Dərviş, almadır”. – “Bərəkallah, bala Dərviş! Bala Dərviş, əgər bilsən...” Bu məqamda bir cavan girdi meydana: “Dərvişlik oyunbazlıqdır məgər?” – deyib, dərvişlərə nə yemisən turşulu. “Qaraul” sədası dərvişlərdən asimana bülənd oldu. Gördüm ki, işlər zaydır, tüpürdüm dabana, qaçdım nə qaçdım... “Həyat” qəzeti, 14 oktyabr 1905, №83 * * * Balaca mütəfərriqələr 18 – Ağacun! Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla, Nə hasil can yetdim, yetmədim cananə, ya mövla. Mövlayi-mən! Cəfalı ruzigarım... – Salam əleyküm, ağa Dərviş! Oğlan, genə nə var, nə olub, bu nə cigərsuz qəsidədir? Genə ruzigar səni nə dərdə mübtəla edib? – Mənim dünyada, kərbəlayı, heç bir dərdim yoxdur və ola da bilməz, çünki bəndəyə bu fani dünyada nə lazım? Bir löqmə nan, vəssalam. Dünya malında, cahi-cəlalında gözüm yox, həqiqi dərvişəm. Əbdüssəlami-qulami-millət. Dərvişlikdən də gözəl dünyada nemət bilmirəm. Mənim dərdim ancaq müsəlman qardaşlarımın cəhalətdə qalmağı, nahəmvar işləri, bəd hərəkətləri ola bilər. Mənim dərdü qüssəm millətdi, əfəndim... – Bu təzə qanun cəmimizi zülmətdən çıxardar, inşallah. Çox da xiffət lazım deyil, baba Dərviş, Allah kərimdi. – Meydana çıxan pəhləvanları göstər mənə, kərbəlayı! Bal deməklən, əfəndim, ağız şirin olmaz; Allahdan buyruq, ağzıma quyruq deməklən iş aşmaz, qurban sənə! – Belə danışırlar ki, bu təzə qanuna görə bundan sonra kimsənin cürəti olmayacaq qeyrisinə güldən ağır söz desin. – Bu çox pakizə, çox gözəl. Ancaq nuri-seşm, bircə mənə de görüm, bu qanuna əməl edən müsəlman olacaq, yoxsa elə genə hər kimin qolu qüvvətlidir, həyası az, o bildiyini edəcək? – Hələ ki işlər bizim dəftərimizdə yazılmayıb, ağa Dərviş. Hərgah sübut istəyirsən, axşamüstü buyur bazara, ramazanlıqdır, gör necə adamın dişləri tökülür. Ələlxüsus qərib-qürəbanın. – Vaveyla, va müsibata! – Əlavə, ağa Dərviş, belə danışırlar ki, guya bu qanuna görə, bundan sonra hər cürə icmai-xeyriyyələr, məktəbxanalar bimane açmaq mümkündür. – Bu hamısından gözəl, pəh, pəh, pəh! İndi görək, kərbəlayı, bizim hansı milyonçularımız meydana çıxıb, sandıqların ağzını açıb millət yolunda ehsan edəcəklər, ya Allah! – Odur ki, işləri zay etdin də! A kişi, rəhmətliyin oğlu, mən sənə neçə kərə demişəm, pul əhvalatını ortalığa gətirmə. Hər nə istəyirsən danış, yaz, amma pulun adını çəkmə. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən. Pul ilə zarafat olmaz, canım, gözüm. Ələlxüsus bizim vilayətdə. – Ya heydəri-kərrar! Sən xəlifə olan zaman arpa çörəyi yeyib, zənbil satıb dolanırdıq, indi gəl ümmətlərinin səxavət və kəramətinə bax! Kərbəlayı, kifayətdir, xudahafiz! – Ağacun! Cəfalı ruzigarın möhnətindən gəlmişəm canə, Vəfasız çərx əlindən döndü bağrım qanə, ya mövla. “Həyat” qəzeti, 2 noyabr 1905, №93 * * * Balaca mütəfərriqələr 19 – Ağacun! Duş budəm dər xərabətəm güzar, Çəngü ney didəm ki, minalid zar. Çün şənidəm naleyi-in hər dü yar, Bərmən aməd giryeyi-biixtiyar. – Mövlayi-mən! Xirqəvü səccadəra dadəm bemey, Əzxərabət amədəm xümmarvar. – Pəh, pəh! Pəh Fədayi-hal, ağa Dərviş, nə gözəl!.. – Əyləş, kərbəlayı, əyləş, mənim şadlıq və həm qüssə yoldaşım! Hürriyyətin cilvə etməsi, əmələ gəlmək sədası qulağıma çatıbdır, ruhum təzələnib. – Şükür, səd həzar şükür, xudaya. Cəhalət, xudahafiz, xoş gəldin. – Uzun çəkməz, kərbəlayı, yox olar aramızdan şərarət, xətakarlıq, əmələ gələr insaniyyət; elm, tərbiyət, rəhm, insaf! – Boşalar həbsxanalar, müsəlman qardaşlardan bundan sonra heç kəs deyə bilməz qolum qüvvətlidir, ağa mənəm! Belədir, ağa Dərviş? – Fəhminə qurban, kərbəlayı, belədir, vay bədrəftarın halına, sağ olsun camaat divanı, yox olsun xudpəsəndlik, şərarət! Yığılınız meydana millət-vətənpərəstlər, məqami-insaniyyətdir! Məqami-elm və tərbiyədir. Yaşasın hürriyyət, cəhalət düşməni, insaniyyət yoldaşı! – Ağa Dərviş, bu tufan arasında, ah-nalə göydə gəzəndə bir ləfzi “Hürriyyət” gör səni nə hala salıb. Fədayi-hal, ağa Dərviş! – Qadir olsaydım, kərbəlayı, cəmi həmdərdləri bağrıma basardım. Sağ olsun çalışanlar, yaşasın insaniyyət! – Ağa Dərviş! Novruz rəsid şüd gülüstan imruz. – Xudaya! Müsəlmanlar artdıqca, nuri-maarif istərəm. – Ağa Dərviş! Bayram etməli. – Necə məgər, necə məgər!.. – Belə olanda buyur, qurban sənə, bir qədər küftəbozbaşım var. – Ağacun! Sər ki nə dər rahi-əzizan büvəd, Bari-giranəst kəşidən beşod. “Həyat” qəzeti, 1 dekabr 1905, №111 * * * Balaca mütəfərriqələr 20 – Ağa Dərviş, əhvalını genə pərişan görürəm, nə olub məyər? – Heç soruşma, kərbəlayı, əhvalım qolaydı. – Genə nə əcəb, ağa Dərviş? – Soruşma, atam, fələk kəcrəftar işləri zay etmək xəyalına düşübdür. – Demək, baz həm bətəvilə, hmmm? – Bəli də, hürriyyət mürəxxəs olmaq istəyir. – Bu yaxşı olmadı ki... – Nəinki yaxşı olmadı, hətta deyəsən qabaqda cəng görünür, fərar görünür. Rəhmim müsəlman qardaşlara gəlir, qeyriləri həmçinin. Bu işlər bir yandan, müsəlman və erməni arasında olan divanə cəngi-milli bir yandan məni dərdü qəmə aludə ediblər. Olmuşam bədbəxt, yemək yox, içmək yox. – Səbr etmək gərək, ağa Dərviş, Allah kərimdir. – Nə səbr, atam, gözəl vətən qanına qəltan olub, insan dönüb bir yırtıcı heyvana, ac-susuzlar dünyanı götürüb başına, hər qədəmdə ah-nalə, məgər səbr etmək olur? – Ağa Dərviş! Deyirlər el dərdi çəkənin gözlərinə qan damar, mənim sənə rəhmim gəlir. – Kaş kor olaydım, kərbəlayı, belə müsibətləri görməyəydim. İnsan adını qoyub yaranmışların tacı, bir bu taca bax, tar-mar olan şəhərlərə bax, hər iki tərəfdən qırılan qardaşlara, yetim qalan tifillərə bax... Mərhəba belə taca! – Əlimizdən nə gəlir, ağa Dərviş? – Yer üzündə cənnət mümkündür hərgah rəhm olsa, insaf-mürüvvət olsa, vicdan olsa. – Əgər olsa. Elə orası çətindir, ağa Dərviş, – Dövlət sahibləri sandıqları üstə əyləşib, “yaxın gəlmə”, deyib çağırırlar. Ey biçarə, səxavət ləzzətindən məhrum bədbəxtlər... – Genə pul cəhəti başladın, ağa Dərviş? – Münacatdan bixəbərlər, eşidiniz! Ey dust, çera dər in cəhan bixəbəri, Hər ruzü şəban dər tələbi simü zəri. Sərmayeyi-tü dər in cəhan yek kəfənəst. Ura ki, güman nist bəri, ya nəbəri. – Kim eşitməyib bu münacatı, kimə onun indiyə kimi əsəri olub? Nahaq sözlərdi buyurursan, ağa Dərviş! – Kərbəlayı! Kifayətdir, qoy dərdimi tək çəkim... – Bu gün sənə yaxın gəlməli deyil, xudahafiz. – Rahəti nist dər on xanə ki, bimari həst. Xoş gəldin. “Həyat” qəzeti, 8 dekabr 1905, №115 * * * Balaca mütəfərriqələr 21 – Ağa Dərviş! Salam əleyküm! Oğlan, bu nə vaxtın namazıdır? – Hacət namazı qılıram, əfəndim, əz bərayi-rəf bəlayi-büzürg. – Nə bəladır genə, ağa Dərviş? – Gün bilmərrə batmaq istəyir, gün olmasa yer nə hala düşər, kərbəlayı, ələlxüsus biz müsəlman? – Vay bər hali-ma. Ağa Dərviş, demək, axır günümüzdür? – Gün batdı, nicat yolu bağlandı. A kişi, kərbəlayı, bir qəribə, yüz il cürəbəcürə işlərə düçar olub xabi-qəflətdə, cəhalətdə qalıb, indi zülmatı gözləyirik. Cəmi məxluqdan geri, avara, sərgərdan. Bu müsibətlərin aqibəti hər bir qədəmdə sübut: yerindən qalxan “mənəm, mənəm” deyib girib meydana əlində xəncər, belində pişto (revolver), gün keçmir cavan cavan dalınca yox olur və necə oğlanlar! Məgər bu müsibət deyil? Məgər belə ruzigar həmin cəhalətin meyvəsi deyil? Bu gecə vaqiədə, kərbəlayı, qalxmışdım asimana, səslənirdim: müsəlman! Xabi-qəflət kifayətdir, rəhminiz gəlsin övladınıza. Zəmanə elm-tərbiyə zamanıdır, insaniyyət zamanıdır. Qoymuyunuz övladınızı cəhalətdə qeyrilərə əsir, qul. Axır onlar sizin əziz balalarınızdır, rəhm ediniz! Səsimə səs verən olmadı, endim aşağa, genə səsləndim, cavab çıxmadı. Sübh açıldı, nə gördüm! Kimi hazırlaşırdı can almağa, kimi orta şahı manat üstə xəncər çəkib öz müsəlman qardaşını qətl etmək xahişinə düşmüşdü... Bir neçə hammalı döyülən gördüm. Belə-belə işləri çox gördüm, amma namaz qılıb Allahı çağıran az gördüm... Yuxudan ayılıb ta indiyə kimi namaza məşğulam, qollarımı qalxızıb xudavəndi-aləmin dərgahına yalvarıram: Xudaya! Bizləri cəhalətdən xilas, şəriətimizə mehriban et. Rəhmindən məhrum edib bizləri birəhm qılma, insaf, mürüvvət əta et. Dəxi bundan artıq, kərbəlayı, gücüm heç bir şeyə çatmır, namaz qılıb Allaha yalvarmaqdan savayı... – Ağa Dərviş, min qərinə vəzi minbərlərdən bir müsəlmana əsər etməyib, indi sən istəyirsən ki, bir füqarə dərvişin sözünə qulaq asan olsun? Səhv etmə, qardaşım. – Onu bilirəm, atam, ona görə Allaha yalvarıram. – Nahaq zəhmətdir. – Bir toxumdur atıram havaya, bitə ya bitməyə. – Bədbəxt Dərviş, xudahafiz! – Kərbəlayı, qulaq as bədbəxtlər arasında xoşbəxtlik qeyri-mümkündür. Mən də biçarələrdənəm, nə etməli! Xoş gəldin! “Həyat” qəzeti, 15 dekabr 1905, №119 * * * Balaca mütəfərriqələr 22 – Ağa Dərviş! Hacı sizdən təvəqqe edir zəhmət çəkib bir təqvimə baxasız, görək bu ayları necə yazıblar. – Əyləş, kərbəlayı. Bu ayları, atam, yaxşı yazmayıblar. Qar, çovğun, tufan, zəlzələ, cəng, qırğın. Camaat üçün çox bəd. Təqvim göstərən belədir. – Əlbəttə, belə olacaqdı, ağa Dərviş. Çünki rəhm kəsilib, himmət yox, camaatda insaf yox, ibadət yox. Yetimlər, natavanlar ayaq altında, müsəllaya çıxmaq gərək, ağa Dərviş. – Hmmm!.. Müsəlla! Atam, xudavəndi-aləm o şəxsin duasını müstəcab edər ki, onun yolunda canından, malından keçib özünü üryan qoyub, məqami-duada cismin bilmərrə yaddan çıxarıb, bircə tək ruhu qala. – Elə şəxs ruyi-zəmində tapılmaz, ağa Dərviş! – O, mənə məlumdur. – Ağa dərviş, neçə gündür səni görmürəm, necə dolanırsan, atam? – Necə dolanıram? Bir qədər iltifat elə, kərbəlayı. Keçən gün bitəam qalmışdım, bu gün bir loğma çörək düşdü əlimə, isticə. And olsun peyğəmbərin zati-pakinə, o loğmanı o mərtəbədə ləzzətlən yedim ki, cəmi milyonçular tamam ömründə o ləzzəti görməyiblər və bəlkə görməyəcəklər də!.. Kərbəlayı! Bu xudavəndi-aləmin büsatıdır. Bizim fəhlələr çörək yeyən zamanı, parça-parça, əl böyüklükdə ağızlarına təpən zamanı heç onlara baxmısan?! Fədayi-halət! İftarın ləzzətini ki, bilirsən? Beş mərtəbə artıq. Fədayi-məqam! Fəhlə qardaş! Qəm çəkmə, bir o qədər də bədbəxt deyilsən. – Ağa Dərviş, fəda olum sənə, Allah xatirinə, bu sözləri camaat içində danışma! Fəhlələr haqsız qalıb tələf olurlar bədbəxtlər! – Onun haqqını kəsəni qorxuram ki, xudavəndi-aləm namərd düşmənə möhtac etsin... – Vay, nə yaman nifrin etdin, ağa Dərviş?! – Əhli-əyal şərməndəsi etsin. – Kifayətdir, ağa Dərviş, Allah heç bəndəyə göstərməsin... – Fəhlə qardaşlar! Xudavəndi-aləm sizlərə səlamət bədən versin, rahat, təmiz, isticə mənzil, bir qədər də güzəran. Nan və penir olsun. “Həm penir nanhayi-rovğəni”. Həmişə olsun. Sabahkı gündən qorxmayasınız, bizlərə, yəni müftəxorlara ruzi verən qardaşlar! Allah sizə ruzirəsan olsun. Amin! “Həyat” qəzeti, 20 dekabr 1905, №122 * * * Balaca mütəfərriqələr 23 Təbriknamə – ...Ağa Dərviş! Sənə bir dilgüşad, ruhpərvər müjdə versəm, mənə nə şəfaət edərsən, de görüm?! – Hər nə ki, sənin kefindir, kərbəlayı, buyur, bax mənim bu gözlərim üstə. – Bəs elə isə di çıxart... tez! Hmm. – Kərbəlayı! Yoxsa Məkkə yolu tamam olub? – Xeyr o deyil... – İranda qanun büsatı... – İranda qanun büsatı?! Nə söyləyirsən, ağa Dərviş? Qələm çək!.. – Yapon islamı qəbul edib?.. – Allah eləsin, amma o deyil. – Osmanlıda məclisi-ictimai açılıb... – Uzaq getmə, tez ol görüm!.. Hmmm. – Bəlkə, kərbəlayı, hürriyyətdən xeyir xəbər var? – Top-tüfəngdən xəbər var. Hürriyyət, deyəsən, giriz vurur. – Əfsus. – Kifayətdir, ağa Dərviş, çıxart görüm... – Bildim, kərbəlayı, “İrşad”... – Əlhəmdülillah ki, bildiniz... di çıxart... İncitmə, çıxart deyirəm. – Kərbəlayı! Sücud kəşkülümə. Dinmə, qalanı qurbandı sənə. – Yerdə dəxi nə qaldı xanəxərab?.. Bir həsir, bir Məmmədnəsir. – Könlündən, lotu, deyəsən zağlı manat keçir? Buyur. – Səxavətinə fəda, ağa Dərviş... Urra... – Urra, kərbəlayı, urra!.. İndi bilirsən nə var, kərbəlayı? Mən dua edəcəyəm, sən də amin de. – Necə amin deyəcəyəm məgər, ürəyimin ortasından. – Xudaya pərvərdigara! “İrşad” kəndlərimizdə oxunsun... – Amin! – Qareləri günü-gündən çoxalsın. – Amin! – Şad eləsin bizləri, gün-gündən ucalsın! – Amin! – Sünni-şiə söhbəti aralıqdan götürsün! – Amin! – Müsəlmanı ayıltsın, cəhalətdən qurtarsın! – Amin! – Qeyrilərə yetirsin, mətləbinə çatdırsın! – Amin! – Çox yaşasın mühərrir, “İrşad”ında çalışsın! – Amin! – Kifayətdir, kərbəlayı. Getdim dövrə, tab gətirə bilmirəm. – Get, dərviş, Allah sənə yar olsun... Saqi, nə olub dərvişə, bir badə gətirməz? Gül fəslidir, səd heyf, bu əsnadə gətirməz! “İrşad” qəzeti, 23 dekabr 1905, №5 * * * Balaca mütəfərriqələr 24 – Bu nə halətdir, ağa Dərviş, ağlayırsan? – Kərbəlayı! Bacılarımız, analarımız, tifillərimiz, qardaşlarımız əl-amanda, ac və həlakətdə. Ana döşündə aclıqdan süd kəsilib, əziz balası qucağında can verir! Vamüsibəta! Öz yerlərində, öz vətənlərində. “Tfu, bər tü, ey çərxigərdun, tfu!..” – Əlac nə, ağa Dərviş, nə etməli? – Məgər bilirəm? Məgər məndə ağıl qalıb. Əgər məndə ağıl, şüur olsaydı, sübhədək... gülmə, kərbəlayı! Divanəyə rəhm etmək gərək, nəinki gülmək. Mən bu gecə sübhədək əlləşmişəm taxtabiti ilə. Heç bilmirəm bu qış günlərində zəhrimar hardan gəlib çıxıb. – Hmmm, bağışla, ağa Dərviş, yəqin otaqda çox isti olub. – Eybi yoxdur, gül, amma ərzimi al. Otuz il bundan əqdəm hələ dəmir yollar yox ikən bilməzdik taxtabiti nədir! Yəqin bunları yük vaqonları və ya üçüncü-dördüncü klas vaqonları gətirib! Bilməzdik ki, bir cütü bir yerə qarışanda, özlərinə mənzil tapanda çəyirtgə kimi artıb darışacaqlar insanın canına, qoymayacaqlar rahat yatmağa, təamdan kəsib həram edəcəklər... Vay o mənzilin halına ki, oraya cənab taxtabiti təşrif gətirə! – Ağa Dərviş! Qurban sənə, darıxma. O bir elə vücud deyil ki, adamı təngə gətirə bilsin. Çaşma! Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! Hər azarın bir dərmanı var. Hətta taunun da, vəbanın da! – Ah, kərbəlayı, taxtabitinin müqabilində taun nədir, vəba nədir? Həkimlər deyirlər ki, taunu da, vəbanı da gətirən birə ilə taxtabitidir! Binabərin azarın səbəbi olan bu birəhm cücülər taundan bədtər olub. Bədbuy, nadürüst, kəmfürsət, birəhm. Çalıb, o saat yox olur. Ətrafına su töküb dərya edirsən, göydən tökülür. Bu gecə şamı yandırıb, cəng edəndə məni görsəydin, məni divanə hesab edərdin... Axırı labüd qalıb qaçdım küçəyə, göydən qar tökülür... Başladım titrəməyə, cürət edib mənzilə daxil ola bilmədim. – Ağa Dərviş! Dur ayağa, dur, qurban sənə! Mən gərək səni həkim yanına aparım... – Nahaq zəhmət çəkmə, kərbəlayı! Keçəl dərman bilsə, əvvəl öz başına yaxar... – A kişi, Allaha bax, dur gedək, vallah, qorxuram səndən... – Kərbəlayı, təsəlli verməyə yer yoxdur. Xudahafiz! Qoy məni tənha! Göz dolu yaş, üzün tutmuş vətənə, Cigər dağlı, ahü nalə etməyə. Ümid bağlayıb həqq dadə yetənə, Vətən sarı üz qoyuban getməyə. “Həyat” qəzeti, 5 yanvar 1906, №4 * * * Balaca mütəfərriqələr 25 – Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən? – Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm. – Buyur, ağa Dərviş, cavab verməyə hazıram. – Müsəlman qardaş küçədə sənə rast gələndə, bir balaca çəkinirmi və ya döşləyib keçir gedir? – Bəzi ovqat o mərtəbədə döşləyir ki, az qalır ki, kəllə-mayallaq uçasan. – Çox yaxşı, rast gəlib salam verəndə necə? – Qaş-qabaqlı, gözləri ilə işarə edir, başla da bir balaca hərəkət. – Çox gözəl, danışanda necə? – Danışmır, bağırır. – Zənnin var imiş, kərbəlayı. Mərhəba. Genə bir neçə sual. – Buyur, buyur, qəribə söhbət başlamısan? – Müsəlman qardaşlarının bir-birinə məhəbbəti varmı? – Əstəğfürullah. Varsa da mindən birində. – Şəriri-biqərəzlər necə? – Nə qədər kefindi. – Səxavət necə? – Ağa Dərviş, oralara əl aparma. Bu nəsihəti mən sənə min kərə eləmişəm. – Çox mübarək! Bu dursun kənara. Yetimə, qəribə mürüvvət, mehribançılıq necə? – Xudahafiz, ağa Dərviş, çox dərin gedirsən, atam. Mən bir yazıq kasıb babayam, Allah xatirinə məni bəlaya salarsan. Onsuz da görürsən od-alov içində dolanırıq. – “Əlhəqqü mürrün vəli kanə dürrün”. Yaranan bir gün təşrif aparacaq, ölümdən qorxma, kərbəlayı! – Qorxmazdım, ağa Dərviş, hərgah uşaqlar olmasaydı. İndi ixtiyarım yoxdur və sübut həmin ərz etdiyim cavablardır... – Kərbəlayı, and olsun atam heydəri-kərrarə, hali-hazırımızı fikir etdikcə az qalır ki, bağrım çatlasın. Çox vaxt deyirəm, xudaya, pərvərdigara, nə üçün mənim dərimi öküz dərisindən qalın yaratmamısan ki, mən də küftəbozbaş yeyib dünya aləmi vecimə almayaydım? Nə etməli! Məsələn, keçən gecə xəyalıma gəldi nahəmvar qoz kötüyü... Necə gözəl, əntiqə şeylər əmələ gəlir o kötükdən... Biz müsəlman bənzərik kötüyə... Elm gərək, tərbiyə gərək ki, biz bədbəxtlər də insan sifətinə düşək. Heyhat! Kifayətdir, kərbəlayı, xudahafiz! “Həyat” qəzeti, 24 aprel 1906, №89 * * * Balaca mütəfərriqələr 26 – Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam? – Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin... – Hay, hay! Gərək guruldasın, nərə çəkilsin. El bərk yatıbdır, ağa Dərviş, oyanmaz. Fikrə, xəyalata gedib, özünə nahaq zəhmət vermə, atam? – Xəyal deyil, qardaşım! Qulaq as. Timsal: bir gün dəryadan bir pəncə peyda oldu... Padşaha xəbər çatdı. Pəncəni nişaneyi-müsibət hesab etdilər. Nə qədər top-tüfəng atdılar, pəncə dayandı, bir əlac tapılmadı... Nagah şəxs pəncənin müqabilində durub, əlini qalxızıb iki barmağını pəncəyə göstərdi, pəncə o dəqiqə yox oldu. Əhval yetişdi padşaha... Gəlsin o şəxs! Gəldi mənim kimi bir dərviş! Bu nə sirri-hikmətdir, ağa Dərviş? Ərz elədi: Qibleyi-aləm, o pəncə demək istəyirdi ki, beş nəfər adam birləşsə, dağı dağ üstündən atar. Mən cavab verdim ki, iki nəfər adam da kifayətdir. Pəncə yox oldu. Dərvişə xələt verib yola saldılar. – Çox yaxşı, ağa Dərviş, mənası nə ola? – Mənası aşkardır. Camaatımızın arasında ittifaq ola, hümmət ola, cəhalətdən beş ildə biz xilas olarıq. Tifillərimiz küçələrdə bisərü pa qalmazlar, özgələrə də möhtac olmarıq. Necə gözəl cavanlarımız əmələ gələr, xudaya! – Mən də aşkar görürəm ki, genə pul əhvalatı başlayacaqsan. Xudahafiz, xudahafiz, ağa dərviş... – Bəli, bəli, kərbəlayı. Səxavət insaniyyət yoldaşdır. İnsaniyyətin mizanı səxavətdir, bəxşayişdir. Vardan-yoxdan keçmək, millət yolunda hər bir ibadətdən uçaraqdır. Nəcabətə sübut səxavətdir. Köməkdən savayı bir qeyri-nemət dünyada yoxdur. Vallahı, billahı, kərbəlayı, imtahan et. – Hər nə var dövlətdə var, cənab Dərviş! Nə ağla, nə kamala baxan yox, duntəb zəmanəsidir. – Yüzdən birin verənə nə təfavüt edər, kərbəlayı? – Heç kəs bir zift də verməz, çünki... – Necə verməz? – Verməz deyirəm. Onu yəqin bil. – Kərbəlayı, xudahafiz! – Xoş gəldin! Get, get, qardaşım get... Vay fələk! “Həyat” qəzeti, 31 may 1906, №117 * * * Balaca mütəfərriqələr 27 Neçə kəlmə söz üzvlərimizə Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm: Mən nə miguyəm səməndər baş, ya pərvanə baş Çün befekri suxtən üftadei mərdanə baş! Gedin, hər sözünüzü kəmali-cürətlə söyləyiniz, heç bir şeydən qorxmayınız. Biliniz ki, hər sözün arxasında böyük bir camaat durubdur. Bu camaatin hər bir fərdi varını-yoxunu sizin sözlərinizin, fikirlərinizin, tələblərinizin yollarında fəda etməyə hazırdır. O əfraddan biri də mən Dərvişəm. Bütün varım-yoxum bir əba, bir səccadə, bir kəşkül və bir də nəcaqdan (təbərzindən) ibarətdir. Bunların cümləsini satıb yolunuzda sərf etməyə hazıram bu da yetməzsə, nə qədər dua və qəsidə bilirəmsə, hamısını sizin üçün oxuyacağam. “Həyat” qəzeti, 4 iyun 1906, №120 * * * Balaca mütəfərriqələr 28 – Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb... – İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım. – Tələbin nədir, ağa Dərviş, onu buyur, avam camaatdan əl çək. – Nahaq danışma, kərbəlayı, camaatımız heç vaxt avam deyil. Ancaq kəsalət bizi basıb. Budur, bax, uprava məlum edir ki, təzədən dörd illik dumaya qlasnı seçmək siyahısı bu iyun ayının 27-də elan ediləcəkdir. Siyahının natamamlığını və naqisatını şəhər qanununun 35-cı fəslinə müvafiq haman gündən iki həftənin ərzində şikayət edib göstərmək mümkündür. İmdi görək əhalidən bir kəs tapılacaqdırmı ki, gedib bilsin o siyahiyə onun adı düşübdürmü ya yox və nə səbəbə! İxtiyaratı axtaran olacaqdırmı?! Əstəğfürullah, heç kəs getməyəcək və öyrənməyəcək. Bu dərd-qüssədir məni bu hala salan, kərbəlayı! Odur ki, başıqapazlı olmuşuq. Kimdir bizi qapazlamayıb qaradavoydan başlamış? Ah, kərbəlayı! – Xatirinə dəyməsin, ağa Dərviş, sənin özündə də mən heç bir hərəkət görməmişəm, bəqeyr əzşikayət... Fələk kəcrəftardır, deyib durursan. – Vay, kərbəlayı! Fəda olum sənə, kasıb, qərib dərvişin sözünə kim baxar? Barı ağlamayım da? – Sən öz borcunu əmələ gətir, basəmər ya bisəmər, vəssalam. Budur, bax, qlasnı seçmə barəsində başladın, axırı nə, ağa Dərviş? Nə üçün danışmırsan, qandırmırsan? – Mənim yəqinimdir, kərbəlayı ki, bizim şəhərdə əhalidən yüzdən beşi ancaq bilir ki, illik mülki olan şəxsin, məxsusi ya müdamülhəyat, qiyməti min beş yüz manat, ixtiyarı var seçmə məclisinə daxil olub qlasnı intixab etsin. Hərgah, deyək, pulunu cabəca, yainki yarısını vermiş ola. – Nə vaxta kimi, ağa Dərviş? – Bu üzümüzə gələn avqust ayının 25-dək. Ticarət əhli bir ilin ərzində patent almış ola baixtiyardır və qəyyumlar, varislərdən biri. Mülkədar zənənlərin dəxi ixtiyarları var o seçmədən səs vermək, ancaq vəkalət üzrə vəkil ola bilər. Öz sahibi, oğlu, yeznəsi, qardaşı, nəvəsi, ayrılmamış oğul, atası əvəzində o məclisə daxil ola bilər. Güdəcik, budur ixtiyarlar. Ancaq kərbəlayı, heyfa ki, yazmaq ilə, vəz etmək ilə iş aşmır. Camaatımız illərlə çox pak-pak gözəl ağıl işlədirlər, amma bifayda. Heyfa! Elm gərək, tərbiyə gərək, qardaşım və bunları əncama gətirməkdən ötəri... – Dayan, ağa Dərviş! Axır sözün qoy dursun, xudahafiz! – Biçarə kərbəlayı, pul nəfəsindən qorxdu. Get, get, bədbəxt! Mən öyrənmişəm tənha, qəribanə dərd-qüssə çəkməyə. Allah kərimdi, get! “Həyat” qəzeti, 23 iyun 1906, №136 * * * Balaca mütəfərriqələr 29 Dərvişin fəryadı Biçarələr, dalında palan, başında mündəris börk, ya dəsmal, libası zibil içindən tapılmış, ömründə hamam görməyən, bir gün tox, bir gün ac, biçarə, bədbəxt, günü qara qardaşlarım!.. Halınız yadıma düşəndə ciyərim odlanır. Xaraba qalsın İran, necə ki qalıbdır. Vəzirləriniz əlimə düşsəydilər, sizləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba: buyuruz tamaşa ediz bu hala, bu ruzigara, biçarə, sərgərdan, köməksiz qardaşlar! Vətəninizdə insaf, vicdan, rəhm, mürüvvət, namus yox, millət tar-mar olub, vilayətiniz viran... Vüzərayi-İran! Çöküb dizlərim üstə, üzümü tutub xudavəndi-aləmin dərgahına dilisuzanidən hərdəm çıxan əfğanə tapşırıram sizi! Qorxun nalədən, bəd duadan? Eyş-işrətdə ömr keçirib axırı təşrif aparacaqsınız. O dünyada yeriniz məlum. Tarix tutacaq yaxanızdan, cavab istəyəcək, İranı viran qoyub, milləti zar, əli qoynunda, xanlıq etdiniz, nə verdiniz əvəzində? Cavabınız nə olacaq, əfəndilərim?.. Tiryəkinizə lənət, mütrübünüzə lənət, əfsun gəzdirən dərvişlərinizə lənət, yalançı seyidlərinizə, siğəxanalarınıza lənət! Zülmkar, müstəbid hakimlərinizə Allah insaf versin!.. Bağışlayın camaat, yandı cigərim... – Ağa Dərviş! Nə olub yenə öz-özünə danışırsan? – Heç rəvadır, vətəndən əl çək, qohum-əqrəbadan, külfətdən əl çək, heyvan kimi fəhləlik et, beş-altı şahı pul qazan, vətənə daxil olan kimi onu da əlindən alsınlar? – Ağa Dərviş, cavab gözləyirəm, nə olub sənə? – Sual edirsən ki, oğlan, sənə nə olub vətəndən əl çəkib diyarbadiyar düşübsünüz, o tövr gözəl vətəndən? Cavab nə olur? “Yalansa, xaraba qalsın o vətən”. – Ağa Dərviş! Qurban sənə, mənəm, kərbəlayı. Cavab ver, naxoşlamısan nədi?.. – Məgər mədəniyyət yoxdur o xarabada? Məgər dəmir yol çəkmək düşvardır, karxanalar açmaq mümkün deyil?.. Vay, vayy... – Ağa Dərviş! Xanəxərab, ağa Dərviş! – Tfu sənin üzünə, ey çərxi-fələk, gəcrəftar! Məlik şahın, Şah Abbasın, Nadirin İranı gör necə viran olub? Üləmayi-İran! Fəda olum sizə, hümmət, həmiyyət, qeyrət, insaf, fədakarlıq məqamıdır. İranı batmağa qoymayınız, batarsa, sizin də bizim də, evimiz yıxılar, xanimanımız bərbad olar! Yoxsa neçə belə illərlə duran dünya olacaq başınıza təng, deyirlər!.. “Həyat” qəzeti, 25 iyun 1906, №137 * * * Balaca mütəfərriqələr 30 – Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş? – Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir. – İstiyə əlac, ağa Dərviş, palanın kölgəsi. Əyləş ayaqyalın, başda araqçın, güdəcik köynək, qarın açıq, nazik tuman, vəssalam. Onda görüm isti sənə nə edə bilər. – Bu libasda küçədə əyləşmək nalayiq işdi, kərbəlayı. Ötən, keçən nə deyər?! – Canı çıxsın, hər nə istəyir, desin. Mən özümü oda yandıracağam, nədir ki, filan belə deyəcək, qeyrisi elə. Bu bizim ata-baba adətimizdir, ağa Dərviş... Camaatın gözü öyrənibdir bu təhər şeyi görməyə... – Sən deyən olsun, kərbəlayı, mən ki bu adəti namərbut hesab edirəm. – Belə əqidələr xatalıdırlar, ağa Dərviş, danışma, yazma... Odur bax, keçən gün bir nəfər İran taciri söyləyirdi ki, hərgah ağa Dərviş! İran torpağına qədəm qoysa, o saat onun dilini yerindən qopardarlar... O nə cürət edib İran vəzirlərinə yaman deyir?!. – Əyləş, kərbəlayı, dərdimi artırdın, Allah sənə insaf versin. Bircə mənə de görüm, kərbəlayı, üç qardaşın biri çalışqan ola, ikisi tənbəli-ərdəbili, aya, de görək o külfət sahibi güzəran edə bilər? – Olmaz, necə ola bilər ki, adam beş-on baş külfəti saxlaya bilsin? – Çox pakizə. İranda neçə dərviş var, neçə seyid var, neçə başı sərikli mollaya bənzər adamlar var, neçə müftəxor tiryaki vücudlar var? – Çoooox, hesabsız. – Atan behiştlik... Bu qədər müftəxorları saxlayan ölkə, əlbəttə, gərək kasıb olsun, xarabə olsun, necə ki İran qalıbdır. – Bu sözün doğrudur, ağa Dərviş, mən öz gözümlən görmüşəm neçə yüz adamlar qurban olduğum İmam Rzanın qapısında müftə yeyib-içib yatırlar, tiryək də ki həmişə hazır. – Bilirəm, kərbəlayı, hər yerdə belədir. Uzaq getmək nə lazım, buyur bizim Bibiheybətə, gör neçə yüz can əlin ağdan qaraya vurmayıb, müftə dolanır, adın da qoyurlar “ağamızın dövlətindən”. Yəqinimdir, kərbəlayı, ağalarım o adamlara gecə-gündüz lənət oxuyurlar. Bədbəxt müsəlman Məkkəyə, Mədinəyə, Xorasana, Kərbəlaya və qeyri-ziyarətgahlara daxil olan pulları bir qaydaya salsa milyonlar əmələ gələr, darülfünunlar, məktəbxanalar açılıb cəmi müsəlman qardaşları nicat yoluna salmaq olar... Heyfa, heyfa... Ey əlində ixtiyar olub eyş-işrətə əsir olanlar! Ayılız xabi-qəflətdən, qorxuz “ağalarımızın” qəzəbindən, qorxuz dərvişin ah-naləsindən, utanız, həya ediz, bəsdir, axır islam əldən gedir, qeyrət-namusunuz olsun... İsfahan məra bəsəst deyib, milyon-milyon müsəlmanı bada verməyiz... Ya haqq, səndən mədəd! “Həyat” qəzeti, 9 iyul 1906, №149 * * * Balaca mütəfərriqələr 31 Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı. Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir. Jandarmı görəndə, jandarm nəfəsi bədənimə lərzə salır. Atam oğlu, qardaş! Nə şiri-şütür, nə didari-ərəb, elə qaçarsan ki, Koroğlu elə qaçmağı tamam ömründə bacarmayıb. Atam oğlu! Hürriyyət yer üzünün ziynətidir. Xudavəndi-aləmin əvvəl-axır tək gözəl nemətidir; əldən getdi, əsarət gəldi araya; əsarət olan yerdə insan döndü bir yırtıcı heyvana, vay zəiflərin halına! İndiyədək xəyalatım asimanda gəzirdi. Necə gözəl fikirlər, necə gözəl məqamlar şəkli dururdu gözümün müqabilində! Kəndlərdə məktəbxana, qiraətxana, cəmiyyəti-xeyriyyə, xəstəxana, əmin-amanlıq, hər bir yerdə can deyib, can eşitmək, məhəbbəti-millət... Nə etməli? Gələcək zülmatı-naməlum, ah-nalə, göz yaşı. Vay fələk, vay fələk! – Ağa Dərviş, yenə nə olubdur, “vay fələk” – deyib, vaveyla qoparırsan? – A kişi, a kərbəlayı, xəbərin yoxmu, Dövlət dumasından da dərdlərimizə bir dərman olmadı, duma özü də dağıldı! – Ağa Dərviş, dağıldı isə, nə qəm var. Gələcək duma bəlkə bundan da yaxşı tolar! – Kərbəlayı, nə danışırsan, o feli-müzaredir. “Sali ki, nikust əzbaharəş peyda şüd”. Hay, hay! “Həyat” qəzeti, 14 iyul 1906, №154 * * * Balaca mütəfərriqələr 32 – Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz? – Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin? Qoca ləzgi boğuldu, artıq danışmağa taqəti qalmadı, saqqallı üzünə yaş töküldü, başı ilə bir balaca işarə edib yola düşdü. Ürəyim sıxıldı, ağlım başımdan oynadı. Vay, fələk! Badkubənin qəmavər işlərindən qaçıb bir qədər təsəlli tapmaq istədim, o da belə çıxdı... Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla! Nə hasil canə yetdim, yetmədim cananə, ya mövla! Bəd əz yolum düşdü Dərbəndə. Dərbənd xalis qəbristanlıq. Hər kəs özünə bir tək vücud. İcmai heç bir şey yox. Xabi-qəflət hər bir işdə. Bir təsəlli onda tapdım ki, camaatı artıq mərtəbədə mehman, qəribsevən gördüm, Allah razı ola. Xeyir işlər barəsində yazmağa əlim gəlmir. Öz-özümə yazığım gəlir, taqətim yoxdur dərd çəkməyə, kifayətdir Badkubə işləri, xudaya! Bu az zamanda neçə-neçə gözəl oğlanlar, qolu qüvvətli, ürəyi təpərli öz müsəlman qardaşlarının əlində badi-fənaya gedib... Ah, belə dirilikdən ölüm yaxşıdır... “Həyat” qəzeti, 31 avqust 1906, №192 * * * Balaca mütəfərriqələr 33 Bir amerikalının sualına cavab Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir: Müsəlmanlar elmdə, tərbiyədə hər millətlərdən geri qalır. Həqiqətdir, ya nə? Müsəlman müsəlmanın evinə qonaq gələndə gözləri qapıda olar görüm ev sahibəsini görə bilərəmmi, ya yox? Həqiqətdir, ya nə? Qonaq evdən mürəxxəs olanda əlinə düşən qaşıqdan, bıçaqdan, ya hər nə olsa, cibinə öz malı kimi qoyub gedər. Həqiqətdir, ya nə? Müsəlman istəməz ki, qeyri müsəlman qabağa düşsün, sahibi-dövlət olsun. Həqiqətdir, ya nə? Müsəlmanın cəhalətdən çıxıb adam olmağına ümid yoxdur. Həqiqətdir, ya nə? Müsəlmanın ruhaniləri bəqeyri əz... qaraca pul görəndə şəriəti tapdalar. Həqiqətdir, ya nə? Müsəlmanın qananları qanmayanlarını lüt edər. Həqiqətdir, ya nə? Müsəlmanlar arasında şərir, biqərəz yer çoxdur. Həqiqətdir, ya nə? Müsəlmanda rəhm yoxdur. Həqiqətdir, ya nə? Müsəlmanda səxavət azdır, demək olar, yoxdur. Həqiqətdir, ya nə? Çox müsəlman, bəlkə, cəmi adam aldatmağı böyük hünər hesab edir. Həqiqətdir, ya nə? Namaz qılan zikr etdiyi sözlərin mənasını bilməz, bilmərrə şəriətdən bixəbərdir. Həqiqətdir, ya nə? Müsəlman bir göyçək xanım görəndə gözləri kəlləsinə çıxır. Həqiqətdir, ya nə? Keçsə belə dövran, müsəlmanlıq puçdur. Həqiqətdir, ya nə? Şəri müsəlman yoxdur, bir tək adı qalıb. Həqiqətdir, ya nə? Bir qədər müsəlmanlıq dərdini çəkən var, o da qəti-ümid. Həqiqətdir, ya nə? Müsəlmanda hər millətdən müftə, xor-xoş səliqə artıqdır. Həqiqətdir, ya nə? Tanə və qəfyat malını öz malı hesab edən müsəlmandır. Həqiqətdir ya nə? Qəyyum yetimə düşməndir, adı müsəlman olsa. Həqiqətdir, ya nə? Müsəlmanın hər bir camaat işində bir atım barıtı olur. Həqiqətdir, ya nə? Müsəlmanın ağlı gözündədir. Həqiqətdir, ya nə? Çox-çox müsəlman evində cəlladdır. Həqiqətdir, ya nə? Müsəlmana haqq söz xoş gəlmir. Həqiqətdir, ya nə? Müsəlmanın sübutu sənin baqirətində qolunun qüvvətindədir. Həqiqətdir, ya nə? Dünya məişətindən savayı qeyri işə iqdam etməyən bir tək müsəlmandır. Həqiqətdir, ya nə? “Allahdan buyruq, ağzıma quyruq” – deyən bir tək müsəlmandır. Həqiqətdir, ya nə? Axırda puç, qeyri millətlərə əsir bir tək müsəlmandır. Həqiqətdir, ya nə? Cənab amerikalı! Səni görüm, balam, sağ-salamət evinə yetməyəsən, sən ki mənim yaralarımın üstünə təzədən od-alov basdın. Mən yazıq neçə müddətdir ki, qeyri-müsəlmanlar kimi ancaq öz fikrimi çəkirdim, rahat, bir növ dolanırdım. İndi nə eləyim bundan sonra? Yenə təngnəfəs olub, gecə yuxusuz, gündüz fəraqətsiz gərək qalam... Dilin lal olaydı, balam, sual etdiyin yerdə. “İrşad” qəzeti, 3 aprel 1907, №59 * * * Balaca mütəfərriqələr 34 Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim... Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular: – Ağa Dərviş, mən namazdan artıq özümə borc bilirəm öz cibimdən verib səni buradan məyus yola salmayım... Məşədi buyurdu: – İclasın hökuməti həddən ziyadədir, arxayın ol!.. Dəstxoşçu buyurdu: – Biləsən, ağa Dərviş, o ilan yeyib, əjdaha olanlar mənim özümə nə zülmlər ediblər! Allah onların insafını kəssin! Hacını yalançı pəhləvan gördüm... O ki qaldı qızıltəkbəndə, Allah ömrünü uzun eləsin, yüz sözündən biri bəlkə doğru ola... On gündən artıq bu vücudların divanxana qapısında boynuburuq qaldım... Bu axşam qət edirik, sabah Allah qoysa, yəqin ki, iş düzələr... – Nə var indi Badkubədə? Bir neçə gün qal hələ burada... Xülasə, zavtra-zavtra düşdü araya, axırda qətnamə belə oldu ki, get ay batandan sonra gəl. Əyləşdim haman dilicana. Dübarə toz boğdu məni və tamam yol uzunu öz-özümü məzəmmət elədim: sənin kimi dərvişə layiq olan işdimi kərbəlayı evinə gedib ondan təvəqqe etmək?! Layiqdirmi ki, dəstxoşçunun dükanının qabağını kəsdirib şikayət etmək, qızıltəkbəndi gözləmək?! Axmaq dövrüyyəlikdən bixəbər, yalandan, palitikadan uzaq dərviş, belə Məşədi Nemətəli sağ olsun! Fəda olum onun səxavətinə. “Dünyada mənim nə dərdim var” – deyib vaqondan düşüb, üz qoydum mənzilə. “Tazə həyat” qəzeti, 23 avqust 1907, №103 * * * Balaca mütəfərriqələr 35 Dərviş: – Salam əleyküm, kərbəlayı Pirverdi. – Əleykəssalam, ağa Dərviş, otur görək nə var, nə yox, keyfin qovraqdırmı? Dərviş: – Allah var, şəriki yox, ömri-şərifinizə duagu varıq. Kərbəlayı Pirverdi: – Dünyada nə görürsən, bir az danış görək. Dərviş: – Ay kərbəlayı, bu gün tezdən durub, təbərzini götürüb, həqqidust vura-vura şəhərdə dolanırdım. Gördüm ki, bir axund neçə nəfər fransız uşaqlarına dərs verir, tez-tez uşaqlara buyurur: – Oxuyun görək. Uşaqlar biri dedi: – Müsyö molla, siz buyurun, biz də öyrənək. Molla başladı dərsi deməyə, mən də qulaq asırdım, belə deyirdi: – Ya lam əlif la nuzən lan... yalan... Ya əlif yax zən yaxçi yaxçi... dək lam zən kül degil. Bu dərsdən uşaqlar bir zad başa düşməyib gözlərini şappıldadırdılar. Yazıq molla da təngə düşüb ədəbdən ötəri hazırladığı dəyənəyi götürüb, ziyanlıq etmiş mal kimi uşaqları o qədər tapdadı ki, uşaqların fəryadına ataları gəldi dərs otağına. Uşaqlar atalarını görcək ürəklənib dedilər: – Bu necə dərsdi ki, biz bunu heç başa düşmürük. Bizim Parijdə belə dərs yoxdu. Ataları cavab verdi: – Balam, siz hələ uşaqsınız, başa düşmürsünüz ki, mən sizə nədən ötrü bu dərsə qoymuşam, – deyib getdi içəri. İndi kərbəlayı Pirverdi, sən dünyagörmüş bir qocasan, məni bir dürüst başa sal görüm nədən ötəri bu firəng uşaqlarını iranlıların təzə üsul mədrəsəsinə qoymuyub, bu Adəm babadan da irəlidən qalan köhnə üsul ilə oxudur... Kərbəlayı Pirverdi: – Ağa Dərviş, Get dolangilən, xamsən hənuz, Püxtə olmağa çox səfər gərək. Bu firənglər aqibətəndiş və çox bilmiş adamlardı. Onlar yaxşı bilirlər ki, təzə üsul mədrəsədə nəhayət elmi-coğrafiyadan, həndəsədən, fizikadan oxuyacaq, axırda da çörək tapmayıb, acından öləcək. Amma bir-iki il köhnə üsul ilə oxuyub başlarına bir “a... ya...” qoysalar, çox çəkməz ki, hərəsi İranda əlli-altmış qəryə sahibi olarlar. Necə ki Hacı Mirzə... Tehranda və cənab Hacı Mirzə... ağalar Təbrizdə, Xoyda, Səlmasda, Urmidə, Marağada, Ərdəbildə, nə bilim, hər şəhərdə, hər kənddə... Dərviş: – Kərbəlayı Pirverdi, Allah atana rəhmət eləsin, məni yaxşı başa saldın. Sabahdan mən də gedib o mollanın yanında oxuyaram, heç olmasa mərsiyəxan, ya özgə bir zad olub, xoşbəxt olaram ki... “Tazə həyat” qəzeti, 27 sentyabr 1907, №131 * * * Balaca mütəfərriqələr 36 – Salam əleyküm, ağa Dərviş! Atam, nə əcəb səni nə dövrədə görmürük və nə qəsidəni eşitmirik. Axır sən haman ağa Dərvişsən ki, “heydəri-kərrar” – deyib qəsidə başlayanda cəmi bəndələrə lərzə düşürdü. İmdi “girmisən” hücrə küncünə, başına çəkmisən əbanı, dünyadan bixəbər, nə olubdur məgər? – Əyləş, kərbəlayı, bilirsən, qardaşım, nə var? Mən bir bəlaya düçar olmuşam, özüm də məəttəl qalmışam ki, bu nə qəzadır mənə üz verib... – Buyur görək necə bəladır, ağa Dərviş? – Gecə-gündüz, vaxtbivaxt bir bayatı yadımdan çıxmır, gahi sövt ilə, gahi qəlbimdə oxuyub vird edirəm: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq. Fəryad ellər, ay ellər! Nə qədər ciddi-cəhd edirəm, çalışıram fikrimdən çıxardım, mümkün olmur... Bu da bir naxoşluqdur, kərbəlayı, adına nevrasteni (zəif əsəb) deyərlər... Öz-özümü məzəmmət edirəm, deyirəm ki, axmaq dərviş, ruznamələrə bax, gör necə nalə çəkib cəhalətdən şikayət edirlər, müsəlmanların məyus, sükunətdə qalmağından ah-zar edirlər. Necə gözəl şeirlər yazırlar ki, adamın başının tükü biz-biz durur, sən bədbəxt də tutmusan bir bayatının ucundan: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Qorxum orasındadır ki, qəbrə gedənədək bu bayatı məndən əl çəkməyə... Bu yaman dərddir, kərbəlayı... – Ağa Dərviş, məsləhət görürəm axşamlar bir qədər tiryək atasınız. – Xa, xa, xa!.. Tiryək məzələsəm, kərbəlayı, sübhədək gərək nərə çəkib haman bayatını oxuyam... Xeyr, iş burasındadır ki, gözümün qabağında durur karvandan geri qalmış sarban, dəvəsinin beli yağır, yükü ağır... Bu necə olacaq deyirəm, xudaya?.. Bir biyabanda karvan uzaqlaşıb, əli bir yana çatmayıb, biçarə sarban fot olacaq... Fot olacaq deyib biixtiyar ağlayıb başlayıram: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Sonra gözümün qabağında durur cərgədən geri qalmış, öküzləri oğurlanmış köçəri müsəlman qardaş... Göydən yağış tökür, arvadın əlləri qoynunda, balaları gözüyaşlı... Danışmaqla nəfəsim darıxır, kərbəlayı... Bu şəkil gözümün qabağında, biixtiyar ağlayıb yenə başlayıram: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! – Xudahafiz, ağa Dərviş!.. Sənin naxoşluğun bidərmandır, atam. Allah özü sənə rəhm eləsin... – Xoş gəldin, kərbəlayı! Get, atam, get!.. Mən də ayaqyalın, başıaçıq düşəcəyəm xanə-xanə... Bacılarım, qardaşlarım! Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! “İrşad” qəzeti, 8 aprel 1908, №47 * * * Balaca mütəfərriqələr 37 – Ağa Dərviş! İran viran olub?! Səni görüm sual sahibi, evin tar-mar olsun. Balam, nə üçün mənim naxoşluğumu təzələndirdin?.. Zəf, əsəb naxoşluğu canımı alıb, gecə-gündüz, vaxtbivaxt şeytanlar ətrafımı tutub. Biri çağırır: “İsfahan məra bəsəst”. Birisi deyir: “Ağa Dərviş, mütrüblərə bir tamaşa et”. Həyasız... nifrət edirik. Dilim gəlmir ərz edim... Deyir: “Ağa Dərviş, mərmər sərvincik... Tfu, məlun rəxti-xabdan çıxıb qaçıram dəniz kənarına. Bir kimsə yox, dəli-divanə, bilməm hara gedim. Cin və şəyatin məndən əl çəkmirlər...” Biri qolumdan dartıb hökm edir: “Bax, ağa Dərviş, bu divar altında zərd, zəif, lüt-üryan, başları altında palan yatanlara”. Elə budur, bax, bu saat gözüm qabağında dəstəbədəstə cahil, qoca fəhlələr dallarında palan... Budur, bax, altı pud yük altında, ayaqyalın, başıaçıq, qan-tərin içində... Vay, vay, fələk! Səbəb, evin tar-mar olsun! Biqeyrət, binamus, insafı itmiş, vicdanı yanmışlar! Məgər görmürsünüz bu halı?! Bu vətəndən, qohum-əqrəbadan, külfətdən əl çəkib diyarbadiyar düşənləri?! “İsfahan məra bəsəst, mərmər sərvincik, mütəərriblər...” Ay Allah, mən hara qaçım bu şeytanların əlindən?! – Ağa Dərviş, zavodlara bax! – “İsfahan məra bəsəst”. – Karxanalara bax! – “İsfahan məra bəsəst”. – Dəmir yollarına bax! – “İsfahan məra bəsəst”. – Paraxodlara bax! – “İsfahan məra bəsəst”. Əstəğfürullah rəbbi ətubi və ileyh... – Ağa Dərviş! Mərmər... Sakit olun məlunlar, kefə... əbləh. İsfahan nə üçün sənin olsun? İran nə üçün sənin olsun? İran İranındı, həpənd, sənin deyil! Bir baxın bu gələn selə, İran tərəfə bir nəzər et! Məlun, gör necə tufan qovuşub dağları aparacaq!.. Sel gəldi, qaçın!.. Məngənəyə qoyulmuş millət axır nəfəsində zindani-əsarətdən çıxar!.. Sel gəlir, qaçın! Ya heydəri-kərrar, səndən məded! “Tazə həyat” qəzeti, 15 iyun 1908, №144 * * * Balaca mütəfərriqələr 38 ...Məzəmmət yeri yoxdur, kərbəlayı, ixtiyar özümdə deyil... Mən nə edim, aşkar gördüm ki, vətənim, gözəl vətənim İran viran olur. İndiyədək padşahlarımız eyş-işrətə məşğul olur, bilmərrə bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb mənim yazıq vətənim, biçiz vətənim!.. Bizlərdə əgər insaf, mürüvvət olmuş ola, daşürəkli gərək olmuş olaq ki, belə müsibətə qan ağlamıyaq... Bir yerdə ki qırx gün ulaq üstə Tehrana kömür gələ, bir vilayətdə ki hər şeydə möhtac olasan əcnəbi tayfalarına, qazanc yeri bir kişmiş ola, bir düyü; əlbəttə, əcnəbilər, qanını içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!.. Bu halətdə ola-ola bədbəxt tayfanın qazandığını da əlindən alırlar... Kərbəlayı, and olsun mövlaya, mən hər qədəmdə ki İran fəhlələrini görürəm, libas əvəzində cod bez torbasının içində, dalında palan, bağrım çatlamağa gəlir, ağzıma gələn föhşü İran idarəsinin haqqında hər dəfə deyirəm. Gərək namus olmasın, qeyrət olmasın, insaf-mürüvvət olmasın ki, belə hala davam gətirəsən. Bircə fikir elə, kərbəlayı. Bir tək Bakıda otuz mindən ziyadə İran fəhlələri var. Bunların hərəsi ildə öz vətəninə iyirmicə manatlıq xeyir versə, yarım milyondan artıq edər... Bu biçarələr yay fəsli biçindən sonra qızdırmaya düşüb milçək qırılan kimi çöllərdə, küçələrdə Quransız, qohum-əqrəbasız ölürlər... Mərhum Nəsrəddin şah Badkubədən keçib Avropaya səyahətə gedən zaman mən o fikrə düşmüşdüm ki, cəmi burada sakin olan fəhlələri topluyam vağzaldan Tumanyansın evinədək. Hər tərəfdən, bəsər cərgə, dallarında palan, başlarında bir çirkli dəsmal, ayaqyalın, necə ki vardırlar, şah ötəndə ona salam versinlər. Baş tutmadı... Böyük müsibət burasındadır ki, bu otuz min fəhlələr arasında beş nəfər əlifba bilən yoxdur, kərbəlayı! Mən necə yaman deməyim belə idarəyə? Bir tək vücud öz eyş-işrətindən ötrü yeddi-səkkiz milyon rəiyyəti bu hala salmağı. Barı eyş-işrət heyvani olmuya. İnsafdırmı? And olsun vicdanıma, əgər qadir olsaydım, cəmi İran hakimlərini bir gündə yer üzündən götürərdim. Nainsaf uşaqları, məgər bu bərbiyabanə düşənlər, acından, zülmdən qaçanlar sizin din qardaşınız deyilmi? Bu qədər binamusluq, biqeyrətlik olarmı, beş gün ömürdən ötəri öz vətənini bisərü saman qoyasan! Bədbəxt, gözəl vətənim, yeddi milyonun müqabilində min nəfər cəllad, top və tüfəng də olsa, bir şey bacarmaz. Birləşin, amandı, vətən əldən gedir! Elə bilin ki, bir biyabanda qızdırmadan qırılırsınız... Eybi yoxdur, ta pərişan nə şəved kar besaman nərəsəd... Fəramuş etməyin, qardaşlarım, Vətən yolunda ölməkdən gözəl ölüm yoxdur... Səhraları qanla sirab edin ki, sünbüllər uzun bitsin! Qoca dərviş xudavəndi-aləmin dərgahından duaçıdır. Yatmayın, qardaşlarım! Allah sizə yar olsun. Ya rəb! Dərvişin duasını müstəcəb elə!!! “Tazə həyat” qəzeti, 26 iyun 1908, №145 * * * Balaca mütəfərriqələr 39 Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim? Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz... Oradan qulaqsız-burunsuz, təşrif gətirirəm Təbrizə. Vətən pərişan halətdə... Ciyərim odlanır, bağrım çatlayır... Yetişirəm Eynüdövlənin qulluği-şərifinə... Nərə çəkib ərz edirəm: Sərdar! Şümr zilcoşən də sərdar idi Rey mülkü nəzərdə... Mahi-məhərrəm yetişib. Şümr adı bundan sonra zikr olunmayacaq... Vay sənin halına!.. Oğlan, bu fəna dünyada nə bais olub biçarə Təbriz əhlini həyəcana gətirmək?.. Rey mülkü? Yox... Qəpik-quruş? Xəbər... Bəs nəmənə? Əlhəmdüllillah ki, cənab sərkarın xəzinəsində on quruş da yoxdur... Bəs, əfəndim, nə üçün Təbrizi topa tutmaq fikrindəsən?.. Cəllad!.. Cəllad!.. – Nə cürət edirsən, Dərviş?.. Vurun bu axmağın boynunu!.. Əbanı qaldırıb qan-tər içində nərə çəkirəm: Vay, fələk!.. Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla! Nə hasil canə yetdim, yetmədim canənə, ya mövla! “Tərəqqi” qəzeti, 12 yanvar 1909, №9 * * * Balaca mütəfərriqələr 40 Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür. Demə bu misranın da əsl mənası bu imiş ki, dünyada keçinmək, güzəran etmək istəyirsənsə, camaatla həmrəng ol. Mən də misranı əzbərləyib çox vaxt özüm-özümə oxuyurdum. Amma mənasını bilmirdim. Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən-birə keyfim gəldi, başladım bu misranı oxumağa. Demə karvansaranın içində olan cingöz Cabbar mənim bu sözlərimi eşidirmiş. Söhbətimiz qurtardıqdan sonra məni yanına çağırıb dedi: – Oğlum! O nə idi oxuyurdun? – Dedim bəs, vallah, bu mənəm həmişəki virdimdir. Amma heyf olsun ki, mənasını qanmıram. Gördüm ki, cingöz əmi bir başını silkələyib başladı mənə nəsihət eləməyi: – Balam, bunu yaxşı deyiblər, indi gəl bu qoca əmi də sənə bir neçə kəlmə söz desin. Əvvəla, oğlum, həmişə pullu adamla gəz, əgərçi sırf pəzəvəng olsa da, çünki camaat pullunun quludur. Əlhəzər, məbada kasıb-kusub ilə gəzəsən, vəlo in ki əxlaqda ictihad sahibi olsa. İkinci, oğlum, həmişə qolu çomaqlı ilə ülfətin olsun, çünki bir vaxtda adama lazım olar. Üçüncü, bu pencək-mencək artıq bir işdir, paltarını uzat. Bacarsan çiyninə bir əba da sal, çünki səttarül-Əyyubdur. İstəyirsən gündə otuz doqquz dəfə vərşikəs ol, meymun kimi cürbəcür oyunlar oyna. Ya adamdır, işdir birdən-birə, məsəla, bir yeşik pivədən-zaddan aparmalı oldun ki, bir balaca dilxoşluq eləyəsən. Daha onu hammala vermək olmaz! Onda, əlbəttə, yavaşca vurasan əbanın altına. “Mirat” məcmuəsi, 19 iyun 1910, №1, səh.7 * * * Balaca mütəfərriqələr 41 – Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq. – Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan... – Səbr elə, atam, görünür ki, dünya işlərindən sənin xəbərin yoxdur, ona görə də belə danışırsan... Qulaq as. Hükəmalardan birisi deyibdir ki, “insanın ömründə iki təsəlli var: biri gələcəyə ümiddir, biri də yuxudur”. Elə camaatın da ömründə iki təsəlli var: biri elm təhsil edən uşaqlardır, – istər ünas olsun, istər zükur, – o biri təsəlli yenə yuxudur... Bizim uşaqlar küçələrdə bisərü pa qalanda, camaatımıza bir tək təsəlli yuxu qalır... Nə yaman və necə bədbəxt yuxu!.. Allah xatirinə, qardaşlar, fürsəti fot etməyib yapışınız məktəb qapısından, əl çəkməyiniz, gecə-gündüz fikriniz ancaq elmdə olsun, yoxsa... Qardaş, and olsun zati-pakına, hamımız yaman günlərə qalarıq, necə ki bu saat biçarə İran qalıbdır... – Yaxşı, görək, ağa Dərviş, indiyədək biz elmsiz qalanda bizə nə olub? Ac qalmışıq, susuz qalmışıq, yoxsa bizə, Allaha şükür, nə olub?.. – Qardaş! Sənin danışığın məni təngnəfəs edir... Mənə rəhmin gəlsin Allah xatirinə. Axır bilmirsən, belə dünyadan bixəbərsən və mən də hər bir sözü aşkar deyə bilmirəm. Mən nə çarə qılım, nə tövr səni başa salım? Belə yaman günə qalmışıq. Bəs nə gündəyik? Camaatımızın arasında düşmənçilik, bədxahlıq, pərakəndəlik... Dəxi bundan artıq nə istəyirsən? Hər bir nalayiq işlərimizə bais bitərbiyəlik və nadanlıqdır. Məgər heç qəzetlərə meyl edib oxumursunuz, görmürsünüz ki, biçarə mühərrirlərimiz nadanlıqdan, cəhalətdən o qədər yazıblar ki, mən o barədə oxumaqdan təngə gəlmişəm. – Bağışla məni, ağa Dərviş! Mən aşkara görürəm ki, şəhərimizdə məktəb açılandan bəri dini-islamı bilmərrə unudublar. – Atam, bəs görünür ki, millətimizi, dini-islamı saxlayanlar məktəb üzü görməyənlərdir. Beləmi buyurursunuz? Qardaşım, görünür ki, doğrudan-doğruya, sənin nəinki dünya işlərindən, hətta şəhərimizin hal-hazırından xəbərin yoxdur... Daşkəsənlərimizdən tutmuş ta bizim ağalarımızın həyatına, məişət və güzəranına diqqət ilə bax, onda bilərsən ki, cəmi murdar işlərimiz hamısı bitərbiyəlikdən, elmsizlikdən əmələ gəlir. Milliyyəti, dini-islamı başa düşmək üçün, qardaş, gərək elm sahibi olasan... “Ağ qoyun, qara qoyun, başımı yerə qoyum” ilə milliyyəti, islamı saxlamaq olmaz. Qardaş, ta ürəyim doludur, amma ağzım bağlı, nə çarə qılım? Arif olsan bilərsən ki, nə ərz edirəm... Xülasə, a kişi, açıq gördüyüm işə, başa düşdüyüm şeyə nə arifbazlıqdır ki, təklif edirsən? – Belə olan suratdə, qardaş, məni bağışla ki, baş ağrısı verdim. Xudahafiz. – Rədd ol başımdan... “Yeni İrşad” qəzeti, 31 avqust 1911, №4 * * * Balaca mütəfərriqələr 42 – ...Vallah, qardaş, çığırmaqla, yalvarmaqla, nalə etməklə bizi xabi-qəflətdən ayıltmaq mümkün deyil... Min illərcə yaxşı vəzlər, axır zamanlarda şairlərimizin, mühərrirlərimizin nalələri onlara əsər etməyib. Sən bir qərib, bixəbər dərviş nə edə bilərsən? Qardaş, bu bir çətin məsələdir, bizim kimi adamların işi deyil, atam... – Kərbəlayı! Qardaşım! Mən neyləyim belə öküz kimi, gomuş kimi ömr keçirməyi bacarmıram. Hal-hazırımız ciyərimi odlayır, vallah, tab gətirə bilmirəm... Buyurursunuz danışma! Necə danışmayım, ay qardaş? Belə mənim qabaqda gələn övladımıza rəhmim gəlir. Belə biixtiyar danışıram... Danışmaya bilmərəm. Elə, bax, götür darülfünunları, ali məktəbləri qurtarıb bizim şəhərimizə təşrif gətirən bəzi cavanlarımızı. – Atam! Qoy onları öz işlərinə getsinlər. Onlarda nə işin var... Mən ki sənə bunu məsləhət görmürəm, ağa Dərviş, çünki aqibətdən qorxuram... – Kərbəlayı, elə o qorxu deyilmi bizim evimizi yıxıb sərgərdan qoyan... Əmri-bəməruf, nəhy əzmünkər məgər bizim şəriətimizin ali, müqəddəs hökmlərindən deyil. Bu hökmü qanmaq gərək. Beləcə hökmlərə əməl etmək gərək, ancaq bu yolla insan nicat tapa bilər... Kərbəlayı, mənim ömrümün çoxu gedib, azı qalıbdır. Mənim bir haqdan və bir lə vicdanımın əziyyətindən savayı heç bir kəsdən qorxum yoxdur. Dünyada dərvişə nə lazımdır? Bir löğmə nan, ona da Allah kərimdir. Gələk, kərbəlayı, mətləb üstünə. Sahibi-elm cavanlarımızın haqqında mən necə danışmayım? Baxırsan libasları əntiq, ayaqları təmiz, döşlərində darülfünun nişanı, zahirdə fəxrə layiq. Batində işləri, fikirləri nə? Məsəl var ki, şeytan qulağına qurğuşun. Ancaq “aylıq məvacib üç yüzdür, sonra da gərək səkkiz yüz olsun, çünki biz elm təhsil etmişik, zəhmət çəkmişik”. Afərin! Bu şeyə sözüm yox, olsun, kim nə deyir, istəməyən kor olsun. Ancaq, qardaşlarım, buyurunuz görək məşğuliyyətiniz nədir? Bir neçə saat hökm etmək, ondan sonra da bimənə laqqırtı, sonra da zarafat... Sonra, əfəndim, nədir? Sonar pul çox, amma iş az, keyf yeri də var... Buyurunuz, atam, görüm bir neçə nəfərdən savayı camaata, millətə, insaniyyətə nə xidmət edibsiniz? Hansı cəmiyyətləri bina etmisiniz? Hansı kitabları yazmısınız? Hansı millət işində çalışmısınız? Belə işlərdən bir nişanə də yoxdur. Kərbəlayı, bir şəxsin ki ömrü gümüş kimi ola, bir şəxsin ki, vücudunda bir kari-xeyir baş verməyə, o vücudun qiyməti beş quruş da deyil. Vəssalam. Qeyri-tayfaların cavanları gecə-gündüz millət yolunda, insaniyyət yolunda çalışmaqda, bizim cavanlarımız da əcnəbi qızlarının dalınca düşməkdə. Bir firəngi, biri almani... Nə isə, nə bilim hansı təpədən qaçmış, dərədən azmış... Xülasə... – Xülasə, ağa Dərviş... – Xülasə, kərbəlayı, ancaq bilirəm ki: Keçsə belə illər, belə günlər, belə dövran, Dünya olacaq başımıza təng deyirlər. “Yeni İrşad” qəzeti, 4 sentyabr 1911, №6 * * * Balaca mütəfərriqələr 43 Üzüm tutdum sərvət əhlinə, əlaman etdim: Qardaşlarım! Yazıq balalarımız elmsiz, tərbiyəsiz küçələrdə bisərü pa qalıblar, kömək ediniz, qoymayınız ki, payimal olsunlar... Süründüm əsnaf qapısına, səsləndim: ay yoldaş, gəldim; tüccarə yalvardım: atam, rəhminiz gəlsin millətə, qoymayınız ayaq altında qalsınlar. Nalə etdim ki, ay qardaş: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Qəbristana rast gəldim... Səsimə səs verən olmadı, ciyərim odlandı. Zülmətə rast gəldim, ah-naləm asimana bülənd oldu. Xülasə: Yetişdim bivəfa dünyadə qəmdən cana, ya mövla, Nə hasil canə yetdim, yetmədim canənə, ya mövla. Görmədim o məqamı ki, balalarımız bu lütlər kimi məktəbləri əhatə etsinlər, çatmadım arzuma... Dedim: el ilə gələn vaya el də gərək əlac etsin... Amma eləməz, xabi qəflətdə yatıbdır... Nə edəsən, kimə yalvarasan? Haraya gedəsən? Bəhər tərəf ki, nikəmeykəti biyaban əst... Get, ağa Dərviş, üzünü tut pərvərdigarın dərgahına, dərdlərə əlac ara... “Yeni İrşad” qəzeti, 6 sentyabr 1911, №7 * * * Balaca mütəfərriqələr 44 Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar. Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur. Amma, kərbəlayı, bizim çox adətlərimiz var ki, bizi o çanaq altından çıxmağa qoymurlar. Məsələn, bizim oğul evləndirib, qız verməyimizə bir bax. Qız evindən hökm gəlir: səkkiz dəst libas, biri zərzərdən, biri zərzibadan, biri xəzriyıxmazdan, biri gəndədurdan, biri şəmsülqəmərdən, biri qayçıkəsməzdən, nə isə... Əlavə bir altı pud şirni, qırx kəllə qənd, iki pud nabat və iyirmi beş xələt. Allah göstərməsin, filan qədər qızıl şeylər. Gəl bunların indi cavabını ver görüm necə boğazın qurumayacaq! Necə “vay, dədə vay!”ın asimana bülənd olmayacaq! Bununla belə o tərəf buyurur: “Mən qızımı əskik tuta bilmərəm”. Bu tərəfin boğazı quruya-quruya deyir ki: “Filankəs oğluna nə tövr toy edib. Mən ondan əskik deyiləm ki! Mən də gərək onun kimi rəftar edəm, hətta bir azca da ondan artıq...” Belədir, kərbəlayı, yoxsa belə deyil? – Bəli, ağa Dərviş, belədir. Mən oğlumu beş il bundan irəli evləndirmişəm, hələ indiyə kimi onun borcunu verib qurtarmamışam. – Hə... Bu işə deyirlər: “çanaq altında qalmış”. Qulaq as, kərbəlayı, bu çanaq altında qalmış işlərimizin aqibətini sənə ərz edim: Atam, əvvəla, evlənmək, yəni evi olmaq deyən sözdür. Biz nəinki evi olmaq xəyalındayıq, hətta evi pişəzvəqt bərbad edirik. Saniyən, qız tərəfin hökmlərini bilib evlənmək adını xəyalımıza da gətirməyə cürət etmirik... Odur ki, cavanlarımız kənarda gəzirlər, hərə bir düşəngi saxlayıb dolanırlar. Suçularımızdan başlayıb ta mənim tacsərlərimədək... belə bir pərişan haldır. Kərbəlayı, bu işin aqibətini fikir edəndə bədənimi atəş tutur, cismim odlanır... İndi o cavanlarımızdan sual edirəm: Qardaşlarım! Siz ki xarici qızlarını özünüzə hərəmi-möhtərəm edirsiniz, bəs sizin öz bacılarınız, qohum-əqrəbalarınızın qızları, ya ki millətinizin qızları necə olsunlar?! Məgər siz belə murdar işlərin aqibətini fikir etmirsiniz? Qızlarımız xırdavat satanamı getsinlər, yainki siz qoyan yol kimi xarici oğlanlarına... Bu nə pərişan haldır, kərbəlayı! Dərdim məgər azdır ki, sən də sübh vaxtı bu qəmaludə söhbəti başladın. Allah sənə insaf versin, balam... “Yeni İrşad” qəzeti, 12 sentyabr 1911, №12 * * * Balaca mütəfərriqələr 45 Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər. – Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?! – Ağacan! Hal-hazırımız məni yandırıb, vadar edir. Qəzəbnak olmayız, elmsiz cəhalətdə qalıb payimal oluruq... İran bərbad olur cəhalətdən... Avropa məmləkətlərindən yeddi yaşından tutmuş ta yetmiş yaşınadək bir ünas, ya zükur tapmazsan ki, mədəniyyətdən kənar olsun; amma buyuruz bazara, buyuruz karxanalara, mədənlərə. Min nəfər İran əhlindən biri, bəlkə yazıb oxumaq bilə. Ağacan, bir gün qəsdən əlimə bir kağız alıb dövr etdim, bazarı gəzdim, karxanaları, mədənləri dolandım, bir İran əhli tapmadım ki, mənim kağızımı oxusun, hər yerdə savadım yoxdur dedilər... Ahnaləm asimana bülənd oldu. Mərhum Nəsrəddin şahı yad-bud etdim... Necə yad-bud etdim? Onu, arifsən, ağacan, annarsan... İran dursun kənara. Götürək bizim öz şəhərimizi. Təftiş ediniz, onda bilərsiniz ki, iki yüz adamdan bəlkə bircəsi ana dilində oxuyub yazmaq bilir... Məgər bu halət huşyar olan qardaşlar üçün müsibət deyil! – Ağa Dərviş! Sözlərin haqdır, amma işə bir tərəfdən baxırsan, atam! Elm lazımdır. Elmi peyğəmbərimiz vacib edib. Ancaq çifayda, bizim darülfünun qurtarıb gələn bəzi cavanlarımız camaatı elmdən ikrah ediblər. Bu həzərat bizlərə etina etmirlər. Cəmi sülük-rəftarımızı tənqid edirlər. Bu sifətlər kimi elmdən ikrah etməz, əfəndim? – Ağacan! Bisəbəb iş olmaz, çox da müqəssir etmirik bu cənabları; tərbiyəli anaları olmayıb. – Ha, ha, ha... Bağışla məni, ağa Dərviş, tamaşa et bu ürəfaların işlərinə... Aralarında ana dili məhv, dillərini də... Hərəmləri: biri firəng, bir alman, biri yəhudi, biri kim... Balalarının ismi-şərifləridir: Nisə olub Dusya, Züleyxa – Zulya, İskəndər – Saşa, Midhət – Mitya, Mərziyə – Marusya, Ayna – Anyuta, İzzət – Aza... Hakəzə... Belə evlərdə verilən tərbiyədən nə hasil olacaq, atam? Bizləri tanımayacaqlar, bizlərə yaxın durmayacaqlar. – Ağacan! Dübarə ərz edirəm ana olmayıb... Tərbiyəli ana gərək tərbiyəli bala yetirsin... Bundan sonra ümidimi hər tərəfdən kəsib, atam, dəxil düşəcəyəm analar qapısına: analar, sizi and verirəm o məhəbbətə, hansı ki övladınıza var, bizi bu təhlükədən qurtarmaq adilə ömrünüzü sərf edin elmə və elm gücilə tərbiyə verin balalarınıza. Hansılar ki bir tək sizin təhti-nəzarətinizdədirlər və möhtacdırlar ana tərbiyəsinə! Xudaya, dərvişin bu naləsini icabətə yetir. “Yeni İrşad” qəzeti, 18 sentyabr 1911, №15 * * * Balaca mütəfərriqələr 46 – Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm? – Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm. – Dünya bərbad olub? Nə olub məgər? A kişi, nə vaxtadək biz sənin ah-naləni eşidəcəyik, kifayət deyil? – Gör ağlarsan, ağlamazsan?! Atam, ənvayi-müsibət ilə özümə bir koma tikmişdim. Bir namərtub, atasından bixəbər gözüm görə-görə komadan məni çıxardıb ki, koma mənimdir. Başıma da beş-on yumruq çırpıb, məndə güc yox. Neyləyim, neyləyim, düşdüm qapılara, yalvardım qonşularıma: ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı. Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular. İndi qalmışam naçar, bilmirəm harda gecələyim. Bundan artıq dəxi nə istəyirsən? De görüm sən də ağlarsan, ağlamazsan, kərbəlayı? – Ağa Dərviş! Yaxşı, atam, o qonşular həmişə insafdan, vicdandan və insaniyyətdən dəm vuranlardır. Nə deyib sənə kömək etmədilər? Necə razı oldular belə açıq quldurluğa? Sən bir balaca ayağını əyri qoyanda onların dad-fəryadı göyə çıxır: “Ay aman, ay dad, qoymayın dərviş dünyanı xaraba qoymaq istəyir. Filana, filana əziyyət verir. Başından basıb, qoymayınız nəfəsi çıxsın”. Afərin belə insafa, belə dövrana!.. Atam, görünür ki, sənin bəzi qonşuların özləri də qaçaq-quldurdan bədtərdirlər... – Kərbəlayı! Cəmi işlərdən müşkülü odur ki, heç kəsi qoymurlar ki, mənlə bərabər göz yaşını töksün. Bilirsən, insana bir bəla düçar olanda, ona göz yaşı yenə bir təsəllidir. Zalımlar onu da qoymurlar... – Bəs indi fikrin nədir? – Fikrim nə olacaq? Xəlvətdə ağlamaqdan savayı nə ola bilər?.. Belə zülmü Allah-taalanın divanına tapşıracağam. Əgər Allahın rəhmi olar, inşallah da olacaq, komam qayıdar özümə. Əgər qayıtmaz, özümü həlak etməkdən savayı əlacım dəxi qalmır... Yurdsuz-yuvasız mən dünyada necə ömr edə bilərəm, sən özün de, kərbəlayı? – Allah sənin dadına yetsin, ağa Dərviş! Bundan savayı mən sənə nə deyə bilərəm, əlimdən nə gəlir? – Atam, Allah səndən razı olsun, mənim bu halımda sənin bu sözlərin də mənim üçün genə bir təsəllidir... Xudahafiz. “Yeni İrşad” qəzeti, 28 sentyabr 1911, №24 * * * Balaca mütəfərriqələr 47 – Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan... – Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz! Ağamın bu sözlərindən ovqatım oldu təlx, cin vurdu başıma... Ərz elədim: – Ağacan! Buyur görüm kimdədir taxsır? Buyur görüm sizlər nə vaxt camaat yolunda çalışmısınız, nə vaxt camaata baxıb durmusunuz?! Heç bir vaxt! Sizlər ancaq cibişdana qulluq etmisiniz... Aşkardır, bir tək cibişdana qulluq edən vücud məktəbə kömək edə bilməz və millət də onu tanımaz və tanımaq da istəməz... Belədir, atam, ya yox? Ağamın boğazı qurudu, başladı udqunmağa, cavab verə bilmədi. – Buyur görüm, ağacan, sizlərə məlumdurmu ki, bir nəfər uzaqdan gəlmiş cənab... Necə cənab?! Camaat arasında iğtişaş salıb, bir-birilə düşmən edib, işləri cürəbecürə fitnə-fəsad ilə qarışdırıb, indi yaman fikrə düşüb. Budur ərz edirəm, məcburam ərz etməyə, hərgah o cənabın fikirləri baş tutsa, onda vay, vay sizin halınıza!.. – Bilirəm nə deyirsən, ağa Dərviş, ancaq nə etməli? Camaatımızda hissi-ittifaq yoxdur... – Çox pakizə, çox gözəl... Buyur görüm sizlərdə nə üçün yoxdur o hissi-ittifaq? Yoxsa cibişdan məsələsi mane olur? Vay, vay, ağacan! Ağam artıq davam gətirə bilməyib yola düşdü, mən də üz qoydum mənzilə... Haləti-pərişan... Xəyalıma nə gəldi? Bilirsən kərbəlayı, nə gəldi? Bir bədbəxt, birəhm, bimürüvvət, nainsaf, bivicdan məsələ: “Məndən ötdü qonşuma dəydi, elə bildim ki, saman torbasına dəydi”. Belə məsələ, kərbəlayı, heç bir tayfada yox, ancaq bizim kimi bədbəxt nadanlar arasında davam edə bilər... Bədbəxt, yazıq tayfa! Xudahafiz, kərbəlayı! Bu gün sən mənim yaramın üstə od basdın, yaman hala saldın... – Məgər, ağa Dərviş, mən insan deyiləm? Mənim özümün əhvalı pərişan oldu... Xudahafiz. “Yeni İrşad” qəzeti, 2 oktyabr 1911, №27 * * * Balaca mütəfərriqələr 48 – Kərbəlayı, doğru buyurursan, keçən vaxtlar mən də bazara, dükan qabağına çıxıb yanıqlı qəsidələr oxuyurdum. Camaat yığılırdı başıma, mən də səslənirdim: Qonşu köçdü, biz qaldıq, Aman ellər, ay ellər! Yaman günə biz qaldıq, Fəryad ellər, ay ellər! Qışqırırdım. Keçsə belə günlər, belə illər, belə dövran, Dünya olacaq başımıza təng, deyirlər... Amma, çifayda, kərbəlayı, zəhmətim bisəmər qaldı. İndi mən aşkar görürəm ki, torpağımızda zəhər var. Heç bir toxum belə torpaqda nəinki bitməz, hətta cücərməz də. Ona görə də bazar dövrünü mən tərk etdim. – Nə eyib elər, ağa Dərviş, qəsidələrdən əl çəkmisən, yazmaqdan əl çəkmə. Əlhəmdülillah, ruznaməmiz ki var, qoy oxusunlar, bilsinlər ki, dərdimiz nədir, dərdlərimizə əlac nədir. – Bağışla, kərbəlayı! Qəribə sən bixəbər adamsan! Atam, qabaqca mənə ruznamə oxuyanları göstər, baş üstə, mən də yazım... Bizim camaatın başı gecə-gündüz qəpik-quruş güdməkdədir. Bir qara pul bizim üçün hər bir şeydən qiymətli olubdur. Bir saat vaxt olar ki, ruznamə də oxusunlar? Əlavə böyük bədbəxtlik ondadır ki, camaat arasında yüzdən birinin savadı var və savadı olan adam bizim ruznamələrə əsla etina etmir. “Nə ruznaməbazlıqdır?” – deyib bulvara təşrif aparır... Yox, kərbəlayı, Allah xatirinə əl çək yaxamdan. Bundan sonra mən əlimə qələm də almayacağam, çünki torpağımız torpaq deyil, zibildir içində zəhər... – Bəs nə etmək gərək, ağa Dərviş? Sən özün deyirsən ki, işlər belə keçsə dünya olacaq başımıza təng deyirlər. Elə yatıb qalaqmı? – Yatıb mürtəd azarlıq etməmək ki, xeyr bir işdir. Dərd orasıdır ki, bu kəsafəti-mədə ilə bir-birimizə əziyyət də veririk, bir-birimizin malına, canına, namusuna toxunuruq. Elə namərtub, bivicdan işlər görürük ki, adamın əti ürpəşir, başının tükü qabarır. – Hansı işlərimizi buyurursan, ağa Dərviş? – Qulaq as, kərbəlayı! Bir gün bir məclisdə əyləşmişdim. Başladılar ki, bir ya iki ildən artıq övrət saxlayan kişinin ağlı yoxdur. Övrət növrəstə gərək ola, ildə də biri... Ağalardan birisi buyurdular ki, ildə bir övrət almaq yaman olmazdı, amma bir az çox xərc istər. Həzəratın neçəsi qəhqəhə edib buyurdular ki, övrətin başına elə iş gətirmək olar ki, atası evi deyib, düz getsin. Kəbin pulu nədir, xərci nədir? “Kəbinim halal, canım azad”, vəssalam. Get bir qeyri-kasıbca, növrəstə qız tap, on dörd yaşında. Pəh, pəh, pəh, ildə biri... Məclisdə sinnə dolmuş cənablara nəzər etdim, aşkara gördüm ki, ağalarımın söhbət xoşlarına gəldi... Qalxdım ayağa... Ağlım başımdan oynadı... Ərz elədim: – Ay biinsaflar, biədəblər, biqeyrətlər! Məgər ünas tayfasını Allah yaratmayıb? Məgər sizlərdə insaf, mürüvvət, rəhm yoxdur? Necə həya edib dilinizə gətirə bilirsiniz göyçək, kasıbca qızı, on dörd yaşında, bir ildən sonra küçələrə atılmış, ac-susuz?.. Bərəkallah! Adınızı müsəlman qoymusunuz... Bütpərəstlər!.. Heyvandan əskiklər! “Vay, vay!” – deyib çıxdım məclisdən... “Yeni İrşad” qəzeti, 18 oktyabr 1911, №41 * * * Balaca mütəfərriqələr 49 ...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri. Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu... Amma, kərbəlayı, mən o qədər qəti ümid olmuşam ki, bu zamanda iki nəfər adamın da birləşməyinə etibar edə bilmirəm. Odur ki, camaat işlərimiz də bisərəncam qalmaqdadır. İndi biz, atam, etibardan düşmüşük, rahat yatmışıq. Cəhalətlə o qədər bərk yatmışıq ki, bəlkə də qiyamətdə ayılaq. Bəli, bəli, yatmışıq, məst olmuşuq. “Yeni İrşad” qəzeti, 25 oktyabr 1911, №47 * * * Balaca mütəfərriqələr 50 Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram? Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır). – Ağa, təşrifiniz? – Bəndə Təbrizdən gəlmişəm, dost-aşnaları ziyarət etməyə (pul yığmağa). Uzun donlu, saqqalı sığallı ağam ilə söhbət imiz xeyli səkdi. Əzon cümlə buyurdular: – Mənim mərhum atamın “bir təsbihdən bir dənə artıq, ya bir dənə əskik övrəti var idi”. Bu sözləri eşidib “bərəkallah sənə də və mərhuma da!” – deyib, qalxdım ayağa, ərz etdim: – Bir vilayətin ki belə rəisi və belə ruhaniləri ola... o vilayət xaraba qalmaya bilməz idi. Necə ki xaraba da qalıb. Xudahafiz, atam... Üz qoydum mənzilə. Amma necə halətdə?.. Bir tərəfdən yaman dedim, bir yandan göz yaşı tökdüm... “Yeni İrşad” qəzeti, 11 noyabr 1911, №62 * * * Balaca mütəfərriqələr 51 ...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri. “Aqibət gürgzadə gürg şəvəd, Gərçi baadəmi büzürg şəvəd”. Babalarımızdan bizə irs qalıb, tənbəllik, vücud-bavücudluq və qeyri-qeyri sifətlər... Ona görə o “keçən günə gün çatmaz”ın mənasını mən qana bilmirəm. kişisən, övladın fikrini çəkmə, millət dərdini çəkmə. Qanma ki, dünyada insaniyyət nədir, fikrin ancaq olsun heyvaniyyət surətində dolanmaqda. Adın da qoy “keçən günə gün çatmaz”. Afərin sizə! Kərbəlayı, babalarımızdan irs qalmış bizim çox qəribə adətlərimiz var. Nə qədər axmaq, nə qədər bifayda, başdan-ayağa səhv və bivicdan. Onlardan birini ərz edim: Bir gün mənim evimi kəsib, olub-qalanımı apardılar. Evdə bir qaşıq da qalmadı. Bu müsibəti eşidib dost-aşna, bir on nəfər təşrif gətirdilər bəndəyə “təsəlli” verməyə. Bir həftə sübhdən axşamadək əyləşdilər mənzilimdə. Hər gün nahar, şam, şam, nahar... Həftə keçmiş, şeylərdən bir qədər tapıldı. Həzərat bu dəfə təşrif gətirdilər “gözaydınlığa”. Genə nahar, şam, şam, nahar, üç gün... Qab-qazanı qonşudan aldım, yüz manat borc etdim. Bəndəyə “təsəlli”ni verən ağalarım heç fikir etmədilər ki, axır bu kişinin evi bərbad olub, buna kömək lazımdır, nəinki bunu borca salmaq, əziyyət vermək. Belə gözəl adətlərimiz var, kərbəlayı. Müftəxor babalarımızdan bizə böylə şeylər irs qalıbdır... Nöqsanlı işlərimiz həddən ziyadədir. Kərbəlayı, Allah yar olsa, bir-bir ərz edəcəyəm. Hələlik xudahafiz! “Yeni İrşad” qəzeti, 14 noyabr 1911, №64 * * * Balaca mütəfərriqələr 52 Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana... – Mövlayi-mən! Xirqəvü səccadəra dadəm bemey, Əz xərabət amədəm, xümmarvar. Bir tərəfdən “əhsən, ağa Dərviş!”, bir tərəfdən “al gəlsin ağa Dərviş!..” Bir saat çəkmirdi, həftəlik azuqəm olurdu cəm... İndi günü qara, əli qoynunda nan-pənirə həsrət... Qapılara düşüb loğma-loğma çörək yığmaq dərviş Heydərin şəninə yaraşmaz, ac da qalmaq olmaz... Bəs nə etməli? Əlac yox, mən də gərək həriflər gedən yolu tutum... Adımı qoyacağam xüsusi müxbir, paytaxtlarda çıxan qəzetlərə teleqramlar göndərəcəyəm... Tel xərci onlardan, hər teldən üç manat bəndəyə... Pəh, pəh, pəh!.. Dörd tel göndərdim, on iki manat cibişdanda... Bazar getsin cər-cəhənnəmə, qəsidə də dalınca... Yazacağam ki, “qət olmayıb, taun tutmuş kəsəgənlər çatıblar ətraf kəndlərə, mədənlərə, bu gün-sabah dolacaqlar şəhərə. Professor Zabolotnı başını itirib, camaat təşvişdə... Qaçaqaç başlayıb... Qara naçalnik gizlənib, qlava yatıb... Buradan yazacaqlar ki, dərviş Heydər dəli olub... Tellər başdan ayağa yalandı, taun bilmərrə qət olub, kəsəgənlər çöllərdə səlamət oynaqlaşırlar... Adımı qoyacaqlar “arxixuliqan”... Çox mənim vecimə idi... Hər nə istəyirlər qoy desinlər, cibişdanım sağ olsun... Onlar yazırlar yalandı, mən də yazaram ki, xeyr, doğrudu... Çox da bərkə çəksələr, şahid taparam duxançılardan, gədə-güdədən. Onlar da təsdiq edərlər ki, dərviş Heydər ömründə bilməz yalan nədir, qurtardı getdi... Sağ olsun cibişdanım! Sağ olsun həmkarlarım! “Sədayi-həqq” qəzeti, 28 may 1914, №22 * * * Balaca mütəfərriqələr 53 – Gözlərimiz aydın olsun, ay ağa Dərviş! Məgər xəbərin yoxdur? Qoçubazlığa, nahaq qan tökməyə mübarizə elan olunub... Həmd olsun xudaya! Nə gözəl niyyət, nə gözəl iqdam!.. – Kərbəlayı, bağışla məni! Görünür ki, sən hal-hazırımızdan bixəbərsən. – Necə məgər, ağa Dərviş? – O mübarizə puç, xam xəyaldır, əfəndim. Ondan ötrü ki, nə qədər mürtüblər əllərində piyalə və zəng toylarda süzəcəklər, nə qədər ki, cəngilər tək otaqlarda “cigi-cigi” oxuya-oxuya oynayacaqlar, nə qədər ki, o iki cürə aşnabazlıq var, nə qədər ki, ad-san, nüfuz qazanmaqdan ötrü cəlladlıq var, nə qədər büxl, xəyanət var, nə qədər qara quruş üstə boğuşmaq var... piştolar, berdankələr, qəmələr göydə oynayacaqlar... – Nə söyləyirsən, a kişi? Belə döşünişanlı cavanlarımız, onlara canım qurban, cəmiyyət bina edib, nizamnamə yazıblar, gecə-gündüz çalışırlar... – Cavanlarımız nahaq o fikrə düşüblər, kərbəlayı... Cəhalət və pul olan yerdə o qan həmişə töküləcək... Cəhalət, pul... – Bəs necə olsun, ağa Dərviş? Axır belə müsibətə dözmək olmur. – Doğrudu, kərbəlayı, işlərimiz çox yamandır, müsibət ürək yandıran müsibətdir... Əli vurdu Vəlini öldürdü... Əli gedir katorqaya, Vəli Çəmbərəkəndə. Külfətləri qalır əl-amanda, balaları küçələrdə, analar nə hala düşürlər... Qeyrət, namus... Dilim gəlmir ərz etməyə, kərbəlayı, arifsən, qanarsan. – Allah xatirinə bəs nə etməli, əlac nədir, ağa Dərviş?! – Nə etməli Heç nə... Gözləmək gərək ta ki elm sahibi, tərbiyə sahibi analar girsin meydana... Qoy cavanlarımız o mübarizəni ünasın elm və tərbiyəsinə düşmən şəxslər ilə etsinlər, var-yoxlarından keçib analara tərbiyə versinlər. Yoxsa, atam, pul cəhalətlə bir yerdə olanda, bəd əməli sən fövt edə bilməzsən... Qoçubazlığı saxlayanlar məlumdurlar... Kifayətdir, kərbəlayı, beriza xuda, məni artıq danışdırma, xatası var. Qardaş, yazığam, xudahafiz. “Sədayi-həqq” qəzeti, 7 iyul 1914, №155 * * * Balaca mütəfərriqələr 54 Getsin gəlməsin Keçmiş hala bir nəzər Zəmani ki, yerlərimiz işğal olundu, əski idarə tərəfindən əvvəl təşrif gətirən “kamendant” cənabları oldu. Bu cənab bir neçə müddət basdı, kəsdi, asdı... Sonra təşrif gətirdilər ağa “murovlar”... Bu ağalar hərəsi öz mahalında dövr etdilər. Bu kənddən o kəndə, o kənddən bu kəndə... nazirin nar çubuğu “rozği”... Qulluği-şəriflərində dilmancı, katibi və dəftərxana əmələsi, hesabsız çaparlar və çaparbəyi... Hər mənzildə pişəzvəqt sursat yığılmaqda. On rəs qoyun, bir rəs kök dügə, iki pud soğan, on girvənkə duz, bir pud yağ, çörək nə qədər lazım olsa... Atlar üçün arpa, saman, ot... Hamısı yazıq camaatdan... Sursat az olmaq üçün və bir azca da cib xərcliyi qabaqcan təşrif gətirən cənab çaparbəgiyə... Bunlardan sonra təşrif gətirdilər ağa pristavlar, “strajniklər”, “qaradavoylar”... Qaradavoylardan qorxduq, pristavların qabağında titrədik, dilimiz tutuldu, nitqimiz olmadı dərdimizi söyləməyə... Getsin gəlməsin, xudaya! Hər nə qazandıq qopardılar... Əl atdılar torpağımıza. Saldılar bizi cəhalət dəryasına. Əlimizdə olan mədəniyyət yavaş-yavaş puç oldu... Axırı qəsd etdilər dilimizi, dinimizi batırsınlar... Cəlladlarımız bizi axır nəfəsə yetirdilər... Getsin gəlməsin, xudaya!.. Şükürlər olsun, xudaya, o zalım, birəhm idarə cəhənnəmə vasil oldu... Düşdü Bakının neft quyusuna... Dalınca qənbər atız, hərc-mərc olsun... Yaşasın hürriyyət, yaşasın müsavat, yaşasın yeni hökumət. “Açıq söz” qəzeti, 4 aprel 1917-ci il, №441, səh.3 * * * Balaca mütəfərriqələr 55 Ey dörd-beş kasa xamraşı, ya düşbərə yeyib beş-altı dəfə “afiyət olsun” eşidib istirahət edən ağalar! Görürsünüzmü altı-yeddi yaşında, cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarlarına pənahlanmış tifilləri? Rast gəlibdirlərmi sizə qoca kişilər dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri? – Ay qardaş! Ancaq, Allah xatirinə! – Pul istəmirik, bir parça çörək ver bu tiflə... – Olarmı bir yer ki bir-iki saata pənahlanaq?.. Eşitmirsinizmi bu nalələri?! Eşitmisiniz yəqinimdir, görmürsünüz bişəkk. Necə ola bilərdi görməyəsiniz o soyuqdan, acından taqəti kəsilmiş, “yalvarmağa” gücü çatmayan, ötüb-keçənlərə məzlum-məzlum baxan tifilləri?.. Görmüsünüz, amma... insaf, mürüvvət, vicdan sizdə olmayıb. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi qoymayıb... “Allah versin” – deyib keçmisiniz. Sübhdən axşamadək alış-verişdə, əhalinin nəfəsini darıxdırıb birə on qazanırsınız... Barı fağırlara rəhm ediniz! Şəriətinizi, Quranınızı yad ediniz... Mən qana bilmirəm, mümkün olan işdirmi düşbərəni xortuldadım, qonşum acından köpük qussun?! Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda biləsən ki, küçədə cındır yorğan altında bir ər, bir arvad, iki tifil titrəşə-titrəşə bir-birinə qısılıb növbə gözləyirlər?! Vay, fələk! Kim deyir insafım var? Ah, kifayətdir, ağa Dərviş! “El həyatı” məcmuəsi, 1918, №2, səh.6 * * * Balaca mütəfərriqələr 56 Birinci nalə Quzğunlar Əfəndim, bilirsiniz quzğun nədir? Quzğun – nəştər caynaqlı, əyri dimdikli, leşdidən bir quşdur. Onun həmkarı olan dörd ayaqlılardan biri tülkü, biri çaqqaldır. İki ayaqlılardan isə çoxdur; ancaq adlandırmağa cürət edə bilmirəm, amma, sifətlərindən ərz edə bilərəm: Pətənələri çuvaldan böyük, iştahaları həddən ziyadə... Utanmaq bilməzlər, həya etməzlər... İnsaf, vicdan, mürüvvət heç yuxularına da girməz. Vətən nədir, millət nədir... cərri-cəhənnəmə! Cibişdanım sağ olsun!.. Yazıq vətənim!.. Quzğunlar leş didəndə din-iman yaddan çıxır, vətəni para-para etməkdə heç kəsdən qorxmurlar, çünki burada “əl əli yuyar, hər ikisi də üzü” məsələsi var... Yazıq vətənim!.. Biri meydana girib əsgərlərimizə rəhmi gəlir. Hərbiyyə nəzarətinə mahut satmaq istəyir bir çox balaca qazanca... Biri boçka taxtası alış-verişinə girişmək istəyir... Biri milyonlar cibişdana qoyub, avtomobildə əyləşib, şəhəri dövran edir. Biri neçə yüz minlərə qədər... yeri... Yaşasın ərzaq nəzarəti!.. Yaşasın qaçqınlar!.. Yazıq vətənim! Yetişdim bu fəna dünyadə qəmdən canə, ya mövla! Nə hasil canə yetdim, yetmədim cananə, ya mövla! * * * Balaca mütəfərriqələr 57 İkinci nalə Berne adlı bir nəfər vətənsiz yəhudi öz kitabında bu sözləri yazmış: “Özümü sevirəm, külfətimi özümdən artıq sevirəm, külfətimdən artıq vətənimi sevirəm”. Bu vətənsiz cənab yalnız anadan doğulduğu şəhəri özünə vətən hesab edib, onu külfətimdən artıq sevirəm demiş. Hərgah onun vətəni Azərbaycan kimi gözəl, dağlı, çəmənli, varlı olsaydı, o vaxt görəsən o nə dil ilə, necə sözlərlə öz məhəbbətini ona bildirərdi? Yəqindir ki, yazardı: “Gözəl Azərbaycan, uca dağlarına canım qurban, laləli, çiçəkli çəmənlərinə malım qurban, soyuq bulaqlarına, meyvəli bağlarına balalarım qurban! Hansı millətin Muğan çölü kimi, Mil düzü kimi, Şirvan səhrası kimi, Abşeron yarımadası kimi yeri, torpağı var? Heç bir millətin!.. Yaşa vətənim, çox yaşa!” Bəs indi biz azərbaycanlılar öz vətənimizin haqqında necə rəftar edirik? Biz bədbəxtlər ancaq vətənimizi tar-mar edən quzğunluq yaratmışıq!.. Vətənin pərişan halı, işlərimizin hərc-mərc olması, daxili-xarici düşmənlərin varlığı məni, mən qoca Dərvişi o qədər yandırmır, o qədər dərdə salmır, nə qədər ki, hal-hazırda içimizdə olan quzğunluq!.. Gecə-gündüz, vaxtlı-vaxtsız, hər dəqiqə vətənin qanını soran quzğunluq! Amandır, quzğunlar! Vətən əldən gedər, yaman günlərə qalarıq. Balalarımızın xatirinə, gələcəkdə övladlarımızın xatirinə rəhm edin vətənə, rəhm edin millətə, əl çəkin mürtəd işlərdən, yoxsa gələcək tarixində adınız çəkiləndə lənət oxunacaqdır... * * * == Məqalələr == “Əkinçi” qəzetindəki məqalələr 1 Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər. Bir gündə yemin qədəri: quru ot kəpək saman zılx və kələm arpa Bir inəyə girvənkə 25 4 8 30 - Bir öküzə girvənkə 13 2,5 6 10 - Bir danaya girvənkə 18 2 2 - 4 “Əkinçi” qəzeti, 19 dekabr 1875, №11 2 Yazıldı Moskva şəhərində sentyabrın 3-də. Doğrudur, bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur, amma bizim bəzi işlərimizə baxan görək bizi dəşti-qıpçaq əhli hesab etsin. Buna səbəb oldur ki, adəti-qədimə zəmanə rəftarı ilə düz gəlmir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimləri dəyişdirməyə səy etmirik: məsələn, 15-20 gün bundan sabiq bizim Şuşa şəhərində axşamdan bir saat keçmiş 7 əlixəncərli adam S... bəyin oğlu H... bəyin sərkərdəliyi ilə S... xanımın evinin üstünə tökülüblər ki, onun qızını aparsınlar. Qızı və onun anasını zəxmdar ediblər, amma ətrafda sakin olanlar haraya gəldiyinə qızı apara bilməyiblər. Təəccüb bu deyil ki, belə iş bizim içimizdə büruz edib, amma təəccüb budur ki, hamı silist edənə deyib ki, H... bəy tək olub, onun yoldaşı olmayıb və dəxi bunu fikir etmirlər ki, gələn səfər məzkur bəy bir qeyri babanın qızını aparacaq və birdə cənab S... bəy özü haraya gələnlərin qabağına çıxıb deyirmiş nə var, övrət-uşağa doğru getməyin. Mərhəba bizim qədimi adətlərimizə. Bu bizim işlərimiz, bu da bizim qüvvətli cavanlarımız, bu da bizim S... atamız. “Əkinçi” qəzeti, 22 sentyabr 1876, №18 3 İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burnotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş şey olmaz. Habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz; amma elə adət eləmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz. Uşağın bədəni mum kimi bir şeydir. Uşaqlıqda ona hər nə surət verilsə, o surət onda baqi olacaq. Yəni məktəbxana insanın insan olmağına baisdir. Belədə bizim məktəbxanalara baxan gərək bizi adam hesab eləməsin. Biçarə uşağı gətirib mollaya verəndə əvvəl zaman molla onu bir şagirdə tapşırır ki, ona “ustad” deyirlər. Ustad onu öyrədir: əlifdən beyətən, yüyürdüm evətən... Xülasə, bir neçə gün müddətində onu özü kimi edir. Məktəbdə mollanın fələqqəsi və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata və ananın yumruq, silləsi və onların hamısının bəd əməli biçarə uşağı bir az zamanda oğru, yalançı və hər bədbihesablıqdan xəbərdar edir. Necə eləməsin ki, bu şərtlərdən daş daşlığı ilə əzilib tamam olar. Uşağın zərif bədəni buna davam edərmi? Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə papiros çəkməyə adət edən təki adət edibdir. Deyir: uşaq döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim, döy ki, adam olsun. Və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq. Ey uşağı olan və onlara təlim edən! Rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyillər. Onlar ilə adam kimi rəftar edin ki, adam olsunlar. Barı bunu yaddan çıxartmayın ki, sizin sillə, yumruq, fələqqə, çubuq eşşəyi adam etməz. Uşaq meymun təki bir şeydir, nə görsə ona əməl edər və əgər uşaq bir bəd əmələ mürtəkib olmuşsa, onda taxsır yoxdur, taxsır ol kəsdədir ki, bu əməli ona göstərib. Yəni taxsır sizdədir. Dəxi ol biçarəni niyə göyürsünüz? İndi kitab və müəllimlərdən bir neçə kəlmə danışaq. Bizim məktəbxanada oxunan “Leyli və Məcnun”, Hafiz və qeyri uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şurə gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cərəkeş olmasın? Və bir də bizi oxudanda məhz oxuyub-yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxuduncan elmi-coğrafiya kitabını oxusaq, həmi yazıb-oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq. Müəllimimizdən danışandan irəli bir məsəl çəkək: qədim yunan əhlinin bir qismi ruhani olub ki, onlara avqor deyirlərmiş. Xalq ziyadə avam olduğuna onlar çox bədbihesablıq edirlərmiş. Onlarda bir adət olub ki, bir-birinə rast gələndə hər iki avqor gülərmiş. Yəni belə gülməkdən bu eyham çıxarmış ki, əgərçi sən məni avam hesab edirsən, amma yaddan çıxarma ki, sən də mənim təki avamsan. Əlhəqq, bizim müəllimlər bir-birinə baxanda gərək avqor kimi gülsünlər ki, onların hər ikisi avamdır. Amma xalq onlardan avam olduğuna onların işi işdir. Əlbəttə, ələ fələqqə və çubuq alıb əlif-beyi öyrətmək ilə adam müəllim olmaz (Biz elmi-ədyan müəllimlərinin üstə danışmırıq ki, onların işi başqadır). Əgər bizim handa bir yaxşı müəllimimizdən sual edəsən ki, on üç dəfə on doqquz nə qədərdir, sənə cavab verməkdən ötəri bir saat barmaqlarını yumar, ya təsbeh çəkər. Bəs belədə avam olduğumuzu gizlətməyib, səy edib elm təhsil edəsən, yaxşı deyilmi?! “Əkinçi” qəzeti, 6 noyabr 1876, №21 4 Noyabrın 27-də Moskva şəhərindən. Bu günlərdə Qarabağdan mənə iki dəftər göndəriblər. Birisi cənab Mirzə Əli Əskərin qəzəliyyati və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır. İnşayi-Mirzə Mehdi 22 vərəq üstə tamam olur. Mirzə Əli Əskərin inşası dəxi ziyadədir. Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!.. Ey Ağa Mirzə Mehdi, fədayət şəvəm, atanın pambıq atan olmağı oğluna eyib edər? Bizim əyyamda xanzadəlik, bəyzadəlik ağıl və elm ilədir. Firəngistanın Prudon adlı hükəması deyib: mən fəxr edirəm ki, mənim yeddi arxa ata-babam rəiyyət olub. Ey ağa Mirzə Əli Əsgər, bu qəzəldən çi fayda ki, demisiniz: Bu nə naz, bu nə qəmzə, bu nə işvə, bu nə rəviş. Bu nə qaş, bu nə gözdür, bu nə sərxoş yeriş... Bu həcvlərin barəsində artıq danışmağı özümüzə eyib hesab edib, zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür. “Əkinçi” qəzeti, 22 dekabr 1876, №24 5 Necə ki qarınca çox kiçik isə də həmzəhmət olub, özünə çox yaxşı yuvalar təmir edər, habelə insan da həmzəhmət olanda onun nəfi ziyadə olur. Avropa hükəmaları bərhəm zəhmətlik elmi bina ediblər, adı elmi-qənaət politiki (politiçeskaya ekonomiya). Bu elm insan dünyaya gələndən bəri onun həmzəhmət olmağına mülahizə edib onu iki qism edər. Əvvəlinci qism ki, Avropa əhli üçün qədim zəmanədə olub və bizim üçün bu halda vaqedir. İnsan, məsələn, ev təmir etməkdə həmzəhmət olub, belədə hər kəs bir işə məşğul olur. İkinci qism həmzəhmət olmaqlıq, bu hal da məhz Avropa əhlində vaqedir. Məsələn, saat qayırmaqdan ötrü 102 sənət var ki, hər sənətkar saatın bir hissəsini qayırar, ya gəncəfə kağızının 70 cürə ustad qayırır və ya sancağı 10 sənətkar qayırır ki, bu 10 adam bir gündə 4700 sancaq qayırır, bavücudi ki, hər kəs bir gündə bir sancaq qayıra bilməz. Bəs Avropa əhlinin belə tərəqqisinə bir səbəb də onların həmzəhmət olmağıdır. Ona binaən ki, insan bir işə məşğul olanda, o iş nə qədər az olsa, o qədər insan ona artıq adət edər və bu səbəbə onu çox tez əmələ gətirər. “Əkinçi” qəzeti, 17 mart 1877, №6 6 Bəndi-məxsusi. Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacağıq. Səbəb ki, zəmanə dəyişilib. Əlbəttə, on il bundan əqdəm bizim dolanacağımız indikindən yaxşı idi və on ildən sonra dəxi yaman olacaq. Bəs biz haçan öz dərdimizin əlacının dalıycan olub uşaqlarımıza elm öyrədəcəyik? Biz müsəlman tayfasında ittifaq, həmiyyət olsa məktəbxana üçün ildə iyirmi min manat cəm etmək çətin deyil. Elə bəyzadələrimiz var ki, bir oturuma dördaşıq oynayıb 100 manat udub, uduzurlar. Elə xanzadələrimiz var ki, İvan İvanoviçi qonaq etməyə artıqraq xərc edir, ya ona xoş gələn xalını və ya atı bağışlayır. Hər bir şəhərimizdə ildə 10-15 imam ehsanı verən olur ki, yoğunboyun mollaları, şişpapaq tacirləri, böyük qurşaq hacıları, qızıl təkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır. Bəs belə ehsanı Allah qəbul edərmiş, füqəraların uşaqları üçün bina olunan məktəbxanaya ehsanı qəbul etməz imiş?! Ey özlərini millətə dost hesab edib laf torba salıb başaçıq, ayaqyalın kəndbəkənd gəzərəm deyənlər, sizin bu sözlər yadıma düşəndə Sədinin kəlamı fikrimə gəlir ki, deyib: Dust məşmar anki dər nemət zənd, Lafi-yarivü bəradər xandəki. “Əkinçi” qəzeti, 14 aprel 1877, №8 7 Bokl adlı hükəma ingilis tayfasının və Dreper adlı hükəma tamam Avropa əhlinin elm və ağlının mərtəbəyə çatmağının tarixini yazıblar və bu tarixi yazmaqdan ötəri keçən zəmanələrin kitablarını tamam oxuyublar. Yəni keçmiş zaman insanın elm və ağlı nə mərtəbədə olmağı ol zamanın kitablarını oxumaq ilə əsbabi-ziraət və qeyrəni mülahizə etmək ilə bilmək olur. Məsələn: 10 il bundan əqdəm paltar tikməyə maşın yox idi, amma indi var. Bu halda havaya qalxmaq məqdurdur. Amma hava ilə özü xahiş edən tərəfə getmək mümkün deyil. Yəqin ki, gələcəkdə ona da əlac tapılacaq. Bəs hər zəmanənin bir qanacağı var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqın adətlərindən, işlətdiyi əsbab və qeyrədən bilmək olur. Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın? Həqiqət, bizim əsbablar və qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib. Kitablarımız... bu halda bizlərdə kitab inşa edən yoxdur, əvəzinə həcv inşa edirik və həcvlərimiz həm tənəzzül edir. Məsələn: 30 il bundan əqdəm cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-müəzzin yazan həcvlərə baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlər, məsələn: bir başmaq itmək üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərər. Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik ki, zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər. Yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur. “Əkinçi” qəzeti, 12 may 1877, №10 * * * Mənim sevgili, əziz müəllimim Həsən bəy! “Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür... Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm... Ömrümdə əvvəlinci dəfə rus teatrını görüb mən altımıncı klasda olanda sabahı gün sizdən sual etdim: bizim də varmıdır bir elə şey ki, biz də teatr binası edək? Buyurdunuz var. Bu sözdən savayı və biz məşq edəndə yanımızda dinməz-söyləməz əyləşməkdən savayı heç bir işə siz qarışmadınız... Hərgah siz dübarə oxusanız mərhum Mirzə Fətəlinin kağızını onda dürüst bilərsiniz ki, mənim ərzimdə xilaf yoxdur. O kağız bu halda sizdədir. Sizin yadınızda gərək olsun ki, mən tələbə olan zamanı neçə komediyalar yazıb sizə göndərmişdim. Həmin komediyalar məndə durur... Neçə müddət bundan irəli mən cənab Mehdibəy Hacınskiyə və Həbib bəy Mahmudbəyova vəsiyyət etdim mən öləndən sonra o cavanlar razı olmasınlar ki, teatrın əvvəl binasını bir özgə kəs özünə götürə... Əlhəmdülillah, yoldaşlarım ölməyiblər, sübut edə billəm... Dübarə ərz edirəm bu iş bir böyük şey deyil, amma mən ondan əl çəkə bilmərəm, çünki o teatr əvvəlinci idi tamam müsəlmanlıqda. “Həyat” qəzeti, 18 dekabr 1905, №120 * * * “Ölülər” haqqında rəy “Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir. “Açıq söz” qəzeti, 1 may 1916, №173 * * * “Ölülər” Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır. Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə. Camaat qarşısında hər cür yeməkdən imtina edən, ancaq iki-üç xurma ilə dolandığını bildirən şeyx xəlvətdə plov tələb edir, həm də köməkçisinə işarə ilə başa salır ki, “tək yata bilməz və siğəyə (müvəqqəti kəbin) ehtiyacı var”. Şeyxə heç bir şeyi müzayiqə eləmirlər. Həmin gün ona üç nəfər doqquz yaşlı qız “siğə” olunur. Özümü çətinliklə saxladım. “Əclaf!” – deyə çığırmaq istəyirdim. Fırıldağının üstü açılacağını hiss edən şeyx aradan çıxır... Onun doqquz yaşlı “siğə” arvadları acı göz yaşları tökürlər. Əlbəttə, şeyx üçün yox, özlərinin ləkələnmiş isməti və məhv edilmiş həyatı üçün. Kefli İskəndər qışqırır: – İndi növbət mənimdir. Ölülər! Budur sizin qızlarınız. Gəlin aparın! Valideynlər pərt halda qızlarının əlindən tutub aparırlar. Ürək parçalayan səhnə... Bu gözəl pyesin təfərrüatı üzərində dayanmıram. Amma əsrlər boyu dini fanatizmə əsaslanaraq bədbəxt müsəlmanları tam cəhalətdə saxlayan Şeyx Nəsrulla kimi şəxslərin şarlatanlığını qamçılayan belə bir əsərin yaranmasını görüb şadlığımı ifadə etməyə bilmirəm. “Kaspi” qəzeti, 1 may 1916, №97 * * * Teleqram Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm. “Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29 * * * Tərcümeyi-halım Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur. Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər. Əvvəlinci iki il gimnaziyada miyanə oxuyurdum. Amma ondan sonra gün-gündən yaxşılaşdım. Altı ildən sonra gümüş medal ilə məktəbi tamam etdim. Qırx il bundan əqdəm 1873-cü ildə altıncı klasda olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Onun necə bir nəsnə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsənbəy Məlikov cənablarına rücu edərək sordum ki: Aya bizim dilimizdə teatr əsərləri ya məzhəkə və ya faciə varmıdır? Mümaileyh Məlikov mərhum Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlanmağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlanırdıq. Bizim hazırlanmamıza Həsənbəy Məlikov cənabları tamaşa edirdi. Amma şagirdləri mən hazırlayırdım. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası mərhum Əsgərbəy Adıgözəlov Gorani oynayırdı. Mən isə arvad rolu götürdüm. Tamaşa günü çox adam var idi. Əksəri ermənilərdən idi. Bakı qubernatoru mütəvəffa Staroselski öz əyalı ilə hazır idilər. Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi. Tamaşadan sonra qubernatorun dilmancı mərhum Həsənbəy Həbibbəyov bizi qonaq elədi. Haman gecə müəllimimiz Həsənbəy Məlikov teatr müsənnifi Mirzə Fətəli Axundova təbrik teleqramı göndərdi. Müsənnif Axundov iki vərəqə dolusu böyük bir rizaməndlik kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi ki: “Bu gün Hacı Qaranı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız”. İndi çox təəssüf edirəm ki, bu kağızı tapa bilmirəm, amma bunu bilirəm ki, o məktub mərhum Həsənbəy Məlikovda idi. Neçə il bundan əqdəm mərhum Həsənbəy Qafqaz mətbuatının ikinci atası məqamında olan “Həyat” qəzetində Qafqazda teatr təsisi barəsində məqalə yazdıqda müəssisliyi öz üzərinə götürdü. Mən haman qəzetdə ona etiraz edərək Mirzə Fətəli Axundovun yazdığı bu kağızını göstərməyi təklif elədim. Çünki Qafqazda birinci dəfə olaraq səhneyi-tamaşaya qoyulan “Hacı Qara” komediyasının banisi və Qafqazda teatrçılığın müəssisi mən olduğum bu məktubdan aşkar məlum olurdu. Əlavə olaraq bunu da əlavə etmişdim ki, “neçə müddət bundan irəli mən Həbibbəy Mahmudbəyova və Mehdibəy Hacınskiyə vəsiyyət etdim ki, mən öləndən sonra o cavanlar razı olmasınlar teatrın əvvəl binasını bir özgə kəs öz üzərinə götürə. Əlhəmdülillah, yoldaşlarım ölməmişlər. Sübut edə billəm. Dübarə ərz edirəm: bu iş böyük bir şey deyil, amma mən ondan əl çəkə bilmərəm. Çünki o teatr tamam müsəlman aləmində birinci idi”. Beləliklə, teatrın müəssisi kim idi məsələsi mənim ilə Həsənbəy arasında mübahisəli qaldı. Gimnaziyada oxuduğum axırıncı iki ildə başqalarına dərs verməyə başladım. Gecələr saat on birədək məşğul bulunurdum, ondan sonra öz dərslərimi oxuyardım və asudə olan vaxtlarımı da məzhəkə yazmağa sərf edərdim. Məktəb idarəsi gimnaziyada mənə bir otaq vermişdi. Çox çalışmaqdan bədənim zəifləmişdi. Bununla bərabər yenə öz işimdən dəstbədar olmurdum. Gimnaziyanı qurtaranadək altı yüz manat para toplamışdım. Bu paradan savay heç kimsədən müavinət gözlədiyim yox idi. Bununla bərabər heç bir şeydən xof etməyib Peterburqda darülfünuna daxil oldum. Bakıdan hərəkət etdiyimdən əvvəl dövlətli xişü əqvamıma neçə məktublar yazıb, dərdi-dilimi izhar etməklə müavinətlərini istədim. Onlar nəinki maddi kömək, hətta məktub yazmağa belə tənəzzül buyurmadılar. Peterburqda batdağ qızdırmasına giriftar oldum. Üç günün müddətində elə bir halətə gəldim ki, sağ böyrümdən sol böyrüm üstə dönməkdən aciz qaldım. Bir rus övrəti mənə xidmət edirdi. Doğma ana kimi pərəstkarlıq eləyirdi. Əgər qəzavü qədər məni o övrətlə rast gətirsə, mən onun qarşısında yıxılıb ayaqlarını öpməyi özümə bir vəzifə bilməklə iftixar edərdim. Məni Allah saxladığı halda, o övrət saxladı. Həkimlər mənim Peterburqdan Moskvaya köçməyimi məsləhət gördülər. 1874-cü ilin sentyabrının 27-də Moskvaya gəldim və Petrovski Akademiyasına daxil oldum. O vaxt ancaq səksən manat param qalmış idi. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palazımı çəkərdim. Bu palaz da mənim hali-pərişanım kimi bir halda idi ki, onun ancaq öküzlərin üstünə örtülməyə ləyaqəti var idi. Palaz altında yatmağım üçün təxəllüsüm “Dərviş” qaldı. Rəhmanirrəhim Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün Akademiya mənə stependiya verdi. İndi özümü dörd il müddəti təmin edilmiş hesab etdim. Üç ayın parasını qabaqca alıb özümə lazım bəzi nəsnələr (şeylər) aldım. Palazımdan əl çəkdim. Əgər bu palaz indi əlimə keçərsə çox baha qiymətə alardım. Bu neçə il ərzində Akademiyada oxuduğum zaman Bakıda müəllimimiz Həsənbəy Məlikov cənabları “Əkinçi” qəzetini nəşr etməyə başladı. Mən dəxi yavaş-yavaş məqalələr yazmaqda idim. Bu halda mənim arqadaşım Vladimir Korolenko idi ki, indi Rusiyanın ən böyük və ən məşhur ədibi və mühərriri hesab edilir. Dörd ildən sonra Akademiyanı ikmal edib Gəncə quberniyası Dilican qəsəbəsində meşəbəyi oldum. Çox müddət keçmədi ki, mənim həyat və məişətim yenə pərişanlığa üz tutdu. Rusiyanın ən birinci məqami-iftixarı olan Petrovski Akademiyasının adı çəkildikdə çoxları qorxardı. O cəhətdən Akademiya məzunları onların nəzərlərində laübalı və ziddməslək hesab olunurdular. Mən dəxi meşəbəyi olduğum halda, Allah şahiddir ki, günahsız olaraq bu cümləyə qurban edildim. Mən həmişə vaxt fəxr edərdim ki, Petrovistəm. Ədalətsizliklə məzlum olmuşam. Və buna cəhət bu idi ki, camaat məni sevərdi. Və onun arasında şöhrətim var idi. Qulluqdan ixrac olunandan sonra öz milli ədəbiyyatıma məşğul oldum. Nə qədər gücüm vardısa, bacardığım qədər yazdım. Ölməyib sağ qalar isəm yenə yazacağam, buna səbəb olduğu üçün məni təqib edənlərdən artıq dərəcədə razıyam. * * * Kitabxana.az · https://kitabxana.az/authors/vezirov İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.