Molla Vəli Vidadi. Əsərləri Molla Vəli Vidadi (1709–1809) == Şeirlər == Ağlamazmı Ey məni qınayan, ağlama, deyib, Ağlar yarı gedən bəs ağlamazmı? İllər ilən həmdəmindən ayrılıb, Xoş nigarı gedən bəs ağlamazmı? Olmaya yanında yarı, cananı, Puça çıxıb gedə ömri-cavanı, Günbəgün əksilib şövkəti, şanı, İxtiyarı gedən bəs ağlamazmı? Bəxt çönüb, çünki zəmanə dönüb, Şadü xürrəm işi fəğanə dönüb, Ömrünün gülzarı xəzanə dönüb, Novbaharı gedən bəs ağlamazmı? Ərz elərəm sən xasların xasına, Səbr eləyim mən bu dərdin hasına, Göz yollarda, can gedincə ta sinə, İntizarı gedən bəs ağlamazmı? Vidadi xəstəni gəl indi tanı, Hanı o sən görən şəklü nişanı, Rəngü ruyi, cismi, taqəti, canı, Külli-varı gedən bəs ağlamazmı? * * * Ağlaram Çərxi-fələk zülmü ziyad eyləmiş, Hicran məni gündə döyər, ağlaram. Ey yaranlar, sındırıbdır belimi, Möhnət yükü qəddim əyər, ağlaram. Məni belə hər kim görə, bir ağlar, Dağ-daş yanar, ulus, oymaq, el ağlar. Cismim sızlar, göz yaş tökər, dil ağlar, Öz başıma yalqız məgər ağlaram? Ey mənim tək göz yaşını saçanlar, Qürbətlikdə cigər qanın içənlər, Fikr etdikcə cümlə bir-bir keçənlər, Yadə düşər, yanar cigər, ağlaram. Hayıf oldu o dövranlar, o dəmlər, Gəldi, keçdi yar, müsahib, həmdəmlər, Bərhəm olur dərdlər, qəmlər ələmlər, Bir-birinə gündə dəgər, ağlaram. Çərxi-fələk, mən ha köçdüm yurdumdan, Ayrı düşdüm qoşunumdan, ordumdan, Vidadiyəm, aləm tanır dərdimdən, Əgər ağlamanam, əgər ağlaram. * * * Ay ağalar, bir nigarın oduna Ay ağalar, bir nigarın oduna, Dəli könlüm yana-yana düşübdür. Mən ki, düşüb bu odlara yanaram, Nə səməndər, nə pərvanə düşübdür. Açılıb cənnət tək camalın gülü, Ötər çövrəsində şeyda bülbülü, Bu gülşənin yasəməni, sünbülü, Nə bir bağə, nə bostanə düşübdür. Könül dost kuyinə etdikcə güzər Qanlı qəmzəsindən etməzmi həzər? Çıxdı gözüm, bir dəm eylədi nəzər, Gör necə kəsilməz qanə düşübdür. Qaş və gözü durub qanın almağa, Zülf tökülüb din-imanın almağa. Vidadi xəstənin canın almağa, Xət bir yana, xal bir yana düşübdür. * * * Aylar, illər həsrətini çəkərdim Aylar, illər həsrətini çəkərdim, Şükür yetdim vüsalına, sevdiyim! Müştaqinəm, canı qurban eylərəm, O xəttinə, o xalına, sevdiyim! Eşqin elə bu könlümə fənd elər, Danışdıqca göftarını qənd elər, Zülfün ilə hüsnün birdən bənd elər, Xəyalımı xəyalına, sevdiyim! Səndə vardır belə şanü şövkətlər, Həsrətini çəkər mahi-təl’ətlər, Sən bir xoş behiştsən, qəmzən zinətlər, Nə fərq elər əhvalına, sevdiyim! Eşqin məni gündən-günə qeyr elər, Səni sevən əlbəttə ki, xeyr elər. Bax çıxarmış şükufələr seyr elər, O yaşıla, o alına, sevdiyim! Səni mənə bəxş elədi zamana, Yaxşı olan nəsib olmaz yamana. Vidadiyəm sinəm gəldi nişana, Bir ox atdım iqbalına, sevdiyim! * * * Dəli könül, gəl əylənmə qürbətdə Dəli könül, gəl əylənmə qürbətdə, Bir gün olur vətən deyib ağlarsan. Yadlar ilə ömür çürür həsrətdə, Bir gün olur vətən deyib ağlarsan. Yaxşı gündə yarü yoldaş çox olur, Yaman gündə heç bulunmaz, yox olur. Yad ellərin tənə sözü ox olur, Bir gün olur vətən deyib ağlarsan. Mən görmüşəm bu qürbətin dadını, Yanıb-yanıb çox çəkmişəm odunu. Qəmlənirsən hər görəndə şadını, Bir gün olur vətən deyib ağlarsan. Oxuduqca qəmgin şe’ri-qəzəli, Köhnə yaraların bir-bir təzəli, Yada düşər keçən günün əzəli, Bir gün olur vətən deyib ağlarsan. Yada düşər bağçaların, bağların, Ala qarlı, boz dumanlı dağların, Qocalırsan keçər cavan çağların, Bir gün olur vətən deyib ağlarsan. Keçən günü bir-bir xəyal eylərsən, Dolar qəm könlünə məlal eylərsən. Gələndən-gedəndən sual eylərsən, Bir gün olur vətən deyib ağlarsan. Hər məzara düşər olsa güzarın, Yada düşər ata-ana məzarın. Vidadi xəstə tək artar azarın, Bir gün olur vətən deyib ağlarsan. * * * Durnalar Qatar-qatar olub qalxıb havaya, Nə çıxıbsız asimana, durnalar! Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar?! Təsbih kimi qatarınız düzərsiz, Havalanıb ərş üzündə süzərsiz, Gah olur ki, danə-xurə gəzərsiz, Siz düşərsiz pərişana, durnalar! Ərz eləyim, bu sözümün sağıdır, Yollarınız həramidir, yağıdır, Şahin-şunqar sürbənizi dağıdır, Boyanarsız qızıl qana, durnalar! Əzəl başdan Bəsrə, Bağdad eliniz, Bəylər üçün ərməqandır teliniz, Oxuduqca şirin-şirin diliniz, Bağrım olur şana-şana, durnalar! Bir baş çəkin dərmandənin halinə, Ərzə yazsın, qələm alsın əlinə, Vidadi xəstədən Bağdad elinə Siz yetirin bir nişana, durnalar! * * * Düşər Seyri-gülşən etsən, ey gül’üzarım, Bülbül oxur, bağlar sədayə düşər. Xəttinə baş əyər sünbül, bənövşə Gül xaki-payinə fədayə düşər. Xurşidim, xavərim, hilalım sənsən, Şəkərim, şərbətim, zülalım sənsən. Fikrim, zikrim, sözüm, xəyalım sənsən, Haçan könlüm səndən cüdayə düşər. Arizunu çəkir sahib-diləklər, Dolanıb başına dönər fələklər. Mədhin oxur ərş üzündə mələklər, Hər biri bir türfə vidaya düşər. Xəyalındır xəyalımın həyatı, Dəhanın şəkəri, dilin nəbatı, Cəmalın sədqəsi, hüsnün zəkatı Mənim tək bivanə gədayə düşər. İntizarın mən çəkərəm peyvəstə, Könül pərişandır, xatir şikəstə, Istər vüsalını Vidadi xəstə, Üz xakə fərş eylər, duayə düşər. * * * Ey hymdəmim, səni qanə qərq elər Ey həmdəmim, səni qanə qərq elər, Gəl tərpətmə yaralanmış könlümü. Ayrı düşmüş vətənindən, elindən, Həmdərdindən aralanmış könlümü. Könül verdik hər bivəfa yadlara, Hayıf oldu ömür, getdi badlara, Fələk saldı dürlü-dürlü odlara Şan-şan olmuş, paralanmış könlümü. Qanlı yaşım gündən-günə bollandı, Axdı, axdı sinəm üstə kölləndi, Yenə qəm sinəmi mindi yollandı, Heç bilməzəm yaralanmış könlümü. Gözüm yaşı gündən-günə fərq elər, Eyb eləmək məni qana qərq elər, Rövşən etməz yüz min günəş — bərq elər- Bu möhnətdə qaralanmış könlümü. Vidadiyəm xəstə gözüm mərdümi, İtirmişəm qoşunumu, ordumu, Çox təbibə şərh eylədim dərdimi, Heç görmədim çaralanmış könlümü. * * * Eylədinmi Ey fələk, əlindən dad etməyimmi, Sən məni dərdə bac eyləmədinmi? İtirdin gözümdən yari-həmdəmi, Taydan-tuşdan ixrac eyləmədinmi? Qəvvas olub eşq bəhrin üzərkən, Sevda səməndini minib gəzərkən, Özgələrin əyrisini düzərkən, Öz işimdə qiyqaç eyləmədinmi? Mən necə səbr edim ha belə dərdə, Canü cismim oldu sağ ikən mürdə, İşim saldın hər nakəsə, namərdə, Onlara məni möhtac eyləmədinmi? Gündən-günə dərdim oldu ziyada, Axırda ömürüm getdi bərbada, Keçən günlər bir-bir düşdükcə yada, Əşkimi pürəmvac eyləmədinmi? Gör necə düşübdür Vidadi xəstə, Nitqi lal olubdur, zəbanı bəstə, Qəm ləşkəri durub dəstəbədəstə, Könül şəhrin tarac eyləmədinmi? * * * Gecə-gündüz oda düşüb yanaram Gecə-gündüz oda düşüb yanaram, Siyah telli bir sonanın ucundan. Nə dil deyə bilir,nə qələm yazır, Hər nə ki çəkmişəm onun ucundan. Qəm ki gəlir mənə firqəbəfirqə, Nə Məcnun çəkibdir, nə görüb Vərqə, Neçə mərdümləri vermişəm qərqə, Çeşmimdən tökülən qanın ucundan. Nə xoş olur eşq əhlinin bu halı, Şəmə yana pərvənənin misalı, Gəldikcə xəyala yarın xəyalı, Yanar odlar düşər canın ucundan. Könül düşüb hər havadan enərmiş, Şişə təki hər nə dəgsə sınarmış, Səməndər tək özbaşına yanmamış, Hicran günü can cananın ucundan. Bivəfa dünyada, dəhri-fənada, Fələk məni yetirmədi murada. Vidadi xəstəyəm, ömrümü bada Verdim axır bu sevdanın ucundan. * * * Müsibətnamə Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax, Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax, Cami-heyrətdən dəmi məxmər olub məstanə bax, Tut təfəkkür damənin bir dəm dili-heyranə bax, Kimsəyə qılmaz vəfa bu dəhri-bipayanə bax, Olma mə’murinə rəqib, axiri viranə bax. Bivəfadır, mülki-dünya malına aldanma çox, İzzü cahü dövlətü iqbalına aldanma çox, Tutma ümmid əqlü fəhm əhvalına aldanma çox, Qövmü qardaşü rəfiq əqvalına aldanma çox, Hər biri bir rəmz ilə səndən olur biganə bax. Şərhi bimümkün gəlib-getmiş cahana çox hümam, Hər biri əsrində bir sahibhünər, aliməqam, Şah ola, istər gəda, divanə, ya əhli-nizam, Yetməmiş məqsudinə aləmdə heç ərbabi-nam, Cümləsin məqtul edib bu bisərü samanə bax. Dinlə, ey tuğyani-möhnət, bir rəvayət söyləyim, Didələr giryan edən şərhi-məlamət söyləyim, Dərdi-bidərmanü daği-binəhayət söyləyim, Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim. Lütf edib qıl bir nəzər bu müxtəsər dəstanə bax. Noldu gör ol sərvəri-dövran, əmiri-möhtərəm, Mənbəi-cudü səxavət, mədəni-lütfü kərəm, Mərdi-meydan, əhli-ürfan, sahibi-tiğü qələm, Ərseyi-rəf’ətdə guya kim, tikilmiş bir ələm, Hakimi-Şirvan-Şəki, yə’ni Hüseyn xanə bax. Şir-dil bir mərd idi çox, şövkətü şə’ni əzim, Səfşikən, ə’dafikən, şəmşirzən, bixovfü bim. Sərvəri-sahib həşəm, ətbai çox, mülki qədim, Xoşnüma, xəndan liqa, şirin süxən, təbi həlim, Neylədi, gəl gör, müqəddər hikməti-yəzdanə bax. Haqpərəst, əhli-təvəkkül, pak dil, safi-cigər, Baki yox heç kimsədən, cahü cəlalı biqədər, Bilməmiş rəşkü həsəd insanı eylər dərbədər, Bağlamış onunla kin ə’lavü ədna sərbəsər, Saldılar hər rəng ilə də’va tutub böhtanə bax. Hacı Əbdülqadirü Hacı Məhəmməd kinədar, Saldılar yüz dürlü də’va, oldular ondan fərar, Etdilər ol dəmdə Dar doqqazı səngər istivar, Tapdı düşmən hər tərəf üz, oldu qovğa aşikar, Buldular fürsət, tamami girdilər meydanə bax. Kəndxudalar göndərib oğlilə çox and eylədi, Etmədi bir sud hərçənd əhd-peyvənd eylədi, Hacı Əbdülqadir ol dəm gör necə fənd eylədi, Tutdu onların təmamın, yerbəyer bənd eylədi, Verdi Ibrahim xana, tez saldılar zindanə bax. Gör nələr gəldi o dəm, Hacı Məhəmməd başına, Tutdurub həm onu dəxi qoydu qəl’ə daşına, Qaldı bir il verdi can axir əcəl pürxaşına, Böylədir hər kim olursa xain öz yoldaşına, Getdi hər nə var isə mərdümliyi məccanə, bax. Ol Qarabağ hakimi dövlətli İbrahim xan, Əvvəlü axır onunla ta yaman idi, yaman, Gördü fürsət gəldi, fövt etmək deyil əqlə nişan, Oldu Əbdülqadir ilə müttəfiq həm ol zaman Yığıldılar bihəddi-ləşkər, cəm edib hər yanə bax. Qıldı bu sərriştədə hər hal ol sə’yü əmək, Etmədi təqsir hər dəm verdi simü zər, yemək, Gəldilər Carü Tala bəylər təmami binəmək, Keçdi çox cənglər aradan, tul olur şərh eyləmək, Öldü əvvəl Hacı xan tək növcəvan fərzanə bax. Çəkdi ümmə xanü Əhməd xan, Cönkətay çəri, Hər biri Dağıstan içrə külli-ləşkər sərvəri, Biləsincə necə başçı, cümləsi meydan əri, Bir tərəfdən göndərib topxanə verdi ləşkəri, Arxa durdu onlara valiyi-Gürcüstanə bax. Eylədi hər bir qoşun gəldikcə bir dürlü savaş, Hər tərəfdən qoydular can almağa meydanə baş, Keçdi müddət, düşdü xalqa eylə bir qəhti-məaş, Olmayıb bir böylə zillət mütləqa aləmdə faş, Gəlməyib böylə müsibət Rumə, ya Iranə bax. Artdı qovğa üz verib hər ləhzə bir cəngü cidal, Elə kim gəlməz hesaba oldu məqtulü qital, Gördü kim ol mərdi-meydani-bəla, ol pürməlal, Günbəgün etməkdədir əyyam onu aşüftəhal, Dəmbədəm salmaqdadır dövran onu nöqsanə bax. Fətəli xan yanına əzm etdi ol hicrət qılıb, Neylədi ol mərd gör, əda ikən hörmət qılıb, Çəkdi ləşkər biləsincə neçə yol qeyrət qılıb, Etdi mə’yus onu həm iqbal, binüsrət qılıb, Neyləsin insan əgər yar olmasa sübhanə bax. Gah Ağası xan Şirvan hakimilə bir zaman, Baş qoyub ə’dayə qarşı atdılar meydanə can, Eylə bir cəng etdilər kim, su yerinə axdı qan, Hasili ol dərdiməndə vermədi nüsrət, inan, Atəşi-meydanlara etdi özün pərvanə bax. Döndü çün iqbalü dövlət gəlmədi pərva ona, Olmadı hər yana üz tutdusa bir mə’va ona, Hər nə var yarü müsahib oldular ə’da ona, Hər tərəfdən verdilər qətl etməyə fitva ona, Cümlə xunxarü nəməksiz ol Şəki, Şirvanə bax. Gör necə döndü tamaşa qıl onun əqranına, Aşkaravü nihan qəsd etdilər ta canına. Duydu halı hər tərəfdən yığdı ləşkər yanına, Olmadı, çün çarə yox haqdan işin imkanına, Hər nə tədbir ilə sə’y etdisə ol mərdanə bax. Cəm olub qətlinə onun bir neçə əşrarlər, Bilməyən nanü nəmək, bihörmətü biarlər, Ölməyə, öldürməyə bərk etdilər iqrarlər, Cümlə öz əqvamü əqranı tamam xunxarlər, Qövmü qardaşa inan, gəl, dosta bax, yaranə bax. Bir günorta vaxtı xali buldular fürsət məgər, Qalmamış getmiş dərində hiç dərbandan bəşər, Doldular ol xabi-qəflətdə yatarkən bixəbər, Belədir təqdir “iza caəl qəza ə’məl-bəsər”,* Özgə fikrə düşmə çox, haqdan gələn fərmanə bax. Çıxdı ta olcaq xəbər ə’dayə qarşı bidirəng, Bir zaman naçarü tənha eylədi şiranə cəng, Neyləsin, yox dəsti-bəxt, iqbalü nüsrət payi-ləng, Hər tərəfdən üstünə yağdırdılar tiğü tüfəng, Aqibət məcruh olub, qərq oldu əlvan qanə bax. Etdilər sülh üzrə ol dəm bir neçə qövlü qərar, Oldu razı, bildi yalan olduğun biixtiyar, Saxlayıb bir həftə axır qətl edib məcruhü zar, Külli-varın etdilər taracü yəğma, tarümar, Əhli-beyti cümlə düşdü növhəvü nalanə bax. Əl qoyub cümlə fəsadə tikdilər şeytan evin, Etdilər guya xərabə din evin, iman evin, Açdılar babi-fəsad, bağladılar ehsan evin, Qırdı öz övladını, yıxdı onun sübhan evin, Hacı Qadir tək cahanın fitnəsi şeytanə bax. Gəl yetər, ey zülmə rağib, səngdil, səxtciyər, Munca xunriz olma, eylə zülmi-nahəqdən həzər, Yadına gəlməz məgər ruzi-cəza, ey bixəbər, Noldu, haqdan bir zaman şərm eylə, çıx şamü səhər Guş edib məzlumlərdən ol gələn əfğanə bax. Ah kim ta aləm olmuş, mehrü mahın mənzili, Eylənmiş rövşən dili, ahi-siyahın mənzili, Gəh düşər nisbət gədayə padişahın mənzili, Gəhi şiri-nər yerin eylər rubahın mənzili, Dövri-bər’əksə nəzər qıl, çərxi-kəcgərdanə bax! Kimsə qalmaz nikü bəd, ancaq qalır aləmdə ad, Namurad eylər cahan, hər kim ki istər bir murad, Bu “Müsibətnamə” tarixin bil, ey fərrux-nihad, İki yeddi, iki qırx olmuşdu min yüzdən ziyad**, Oldu mərhumü şəhid ol gövhəri-yekdanə bax. Belədir dövran işi, hər gündə bir al eyləmiş, Aqili nadan ilə pəjmürdə əhval eyləmiş, Üz verib namərdə, hərdəm mərdi pamal eyləmiş, Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş, Gör nələr qıldı fələk Müştaq tək insanə, bax. Qeydlər Qəza gələndə göz kor olar. Min yüz doxsan dördüncü il – miladi 1779-cu il * * * Könül həsrət, can müntəzir, göz yolda Könül həsrət, can müntəzir, göz yolda, Ömr azaldı, və’də keçdi san ilə. Bir də könlüm istədiyin, gözlərim, Görərəmmi ol şövkətlə, şan ilə. İstəmənəm bu dünyanın malını, Qovğasını, fitnəsini, alını, Qəriblikdə bikəslərin halını Fikr elərəm, gözüm dolar qan ilə. Mərdlər ilən gəz ki, vəfadar olur, Nakəslərə yoldaş olan xar olur. Namərd odur yaxşı gündə yar olur, Yaman gündə baxmaz, ötər yan ilə. Mərd olanlar keçər külli varından, Əl götürməz namusundan, arından, Ölənətən dönə bilməz yarından, Meydan günü başın qoyar can ilə. Daim haqdır Vidadinin deməyi, Doğruların hərgiz itməz əməyi, Hər kimin ki, mövla olur köməyi, Nə işi var sultan ilə, xan ilə. * * * Novruzi-bahar oldu, cahan tazətər oldu Novruzi-bahar oldu, cahan tazətər oldu, Rəf oldu ələmlər, Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu, Yandı oda qəmlər. Qırx yeddi rəqəm sındı zimistan qələmindən, Fürsət gülə düşdü. Meydani-tərəbdə bu nə türfə hünər oldu, Sərf oldu kərəmlər. Göydən yerə yağdı nə gözəl şəbnəmi-rəhmət, Bitdi gülü lalə. Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu, Açıldı irəmlər. Yüz həmdü səna mayili-seyri-çəmən oldu, Şad oldu könüllər. Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu. Xoş gəldi bu dəmlər. Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm Sultani-zəmanə? Bu eydi-mübarəkdə ki, dünya xəbər oldu, Saçıldı dirəmlər. * * * Seyri-gülşən etsən, ey gülüzarım Seyri-gülşən etsən, ey gülüzarım, Bülbül oxur, bağlar sədayə düşər, Xəttinə baş əyər sünbül, bənəfşə, Gül xaki-payinə fədayə düşər. Xurşidim, xavərim, hilalım sənsən, Şirinim, şərbətim, zülalım sənsən, Fikrim, zikrim, sözüm, xəyalım sənsən, Könlüm haçan səndən cüdayə düşər. Arizunu çəkər sahibdiləklər, Dolanıb başına dönər fələklər, Mədhin oxur ərş üzündə mələklər, Hər biri bir türfə nidayə düşər. Xəyalındır xəyalımın həyatı, Dəhanın şəkkəri, ləbin nəbatı, Cəmalın sədqəsi, hüsnün zəkatı Mənim tək binəva gədayə düşər. İntizarın mən çəkərəm peyvəstə. Könül pərişandır, xatir şikəstə, İstər vüsalını Vidadi xəstə, Üz xakə fərş eylər, duayə düşər. * * * Səba, əhvalımı bir-bir Səba, əhvalımı bir-bir Varıb ol yarə ərz eylə. Qəmü dərdi-dilim şərhin Deyib, dildarə ərz eylə! Gedərsən kuyinə yarın, O qəddi-sərv rəftarın, Fəğanın bülbüli-zarın Güli-gülzarə ərz eylə! Desən mən zarü giryandan, Vüsudi, bağrı büryandan, Dəmadəm tiği-hisrandan Siyər sədparə, ərz eylə! Səba, gəl seyri-gülzar et, Gülü reyhanı bidar et Təbibə dərdim izhar et, Qəmi qəmxarə ərz eylə! Vidadi xəstə bimarın, Bəlayi-eşqdən zarın, Sözün müştaqi-didarın Yetir Sananə, ərz eylə! * * * Yenə bir leylivəş yara dil verdik Yenə bir leylivəş yara dil verdik, Könül Məcnun təki divanələnmiş, Atəşi-eşqindən dil kəbab olmuş, Dolanır, çövrünür pərvanələnmiş. Apardı ağlımı bir ahü gözlü, Bir bənövşə buylu, bir lalə üzlü, Bir şirin göftarlı, bir şəkər sözlü, Ağzı sədəf, dişi dürdanələnmiş. Düşübdür xəyalım yarın ruyinə, Can quşu bənd olub zülfü muyinə, Salıbdır meylini yarın kuyinə, Əqlü huşum məndən biganələnmiş. Ta ki, xəbər gəldi xublar şuxundan, Əl çəkdim cahanın varü yoxundan. Qəmzə xəncərindən, müjgan oxundan Cigər parə-parə, dil şanələnmiş. Vidadi xəstəyəm, ey gözüm sağı, Artıbdır sinəmin düyünü, dağı, Bir qəmzəsi qanlı, hərami, yağı, Çapdı könlüm şəhrin, viranələnmiş. * * * Yenə yad eylədim keçən günləri Yenə yad eylədim keçən günləri, Axdı gözlərimdən qan gedər oldu, Bihuş oldum, nitqim, səbrim, qərarım, Çıxdı bu cismimdən can gedər oldu. Dil necə ağlayıb çəkməsin zarı, Hər gün artar bir dərmansız azarı. Elə kasad oldu könül bazarı, Sanasan şəhrindən xan gedər oldu. Ey könül pozuldu rəngi-alların, Tər sima, xoş bədən, xəttü xalların, Şirin göftarların, dür xəyalların, Atəşi-hicranə yan gedər oldu. Hanı ol əzəlki nazü rifətlər, O qəddü qamətlər, hüsni-surətlər, Gedərmiş mərdümən qədrü hörmətlər, Elə ki, şövkətü şan gedər oldu. Ey Vidadi xəstə, noldu bazular, Düşdü qələm, itdi gözdən yazılar. Hümmət edin, yar, müsahib, qazılar, Yüz min həsrət ilə can gedər oldu. * * * == Qoşma, Gəraylı, Bayatı == Ey həmdəmim, gəl ki, gedər can durmaz Ey həmdəmim, gəl ki, gedər can durmaz Sənsiz tutmaz söyləməyə dillər hey. Kəsilibdir, yoxdur səbrü qərarım, Bir saətim olub uzun illər hey. Heç bilmədim dövran necə dolandı, Yandı cismim atəşlərə qalandı. Könül şəhri gündən-günə talandı, İndi oldu bir xərabə çöllər hey. Həsrətindən əlif qəddim büküldü, Cismim bəndi yerbəyerdən söküldü, Gözüm yaşı yol-yol oldu töküldü, Üzüm üstdən axdı qanlı sellər hey. Nə şirindir, məhəbbət tək zad olmaz, Ölənətən könül ondan yad olmaz, Müddətdir ki, məlul könlüm şad olmaz Məgər əsməz dost kuyindən yellər hey? Vidadi xəstəyəm günlər sanaram, Dərd əhliyəm qəm hərfini qanaram, Qəriblikdə yada düşər yanaram: Aşna, yoldaş, yar, müsahib, ellər hey. * * * == Müsəddəslər == Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz, Qan ağlama çox, dideyi-giryan belə qalmaz, Gül vaxtı keçər, seyri-gülüstan belə qalmaz, Hər ləhzə könül xürrəmü xəndan belə qalmaz, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan belə qalmaz. Əzbəs bu camal ilə ki, canan ola fani, Bu işvə ilə qəddi-xuraman ola fani, Bu gərdəni-xoş, zülfi-pərişan ola fani, Bu əhsəni-surətdə ki, insan ola fani, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. Sultani-cahan olsa, gedər, canə inanma, Bir gün pozulur, şövkəti-divanə inanma, Çün baqi deyil, mülki-Süleymanə inanma, Gər aqil isən, gərdişi-dövranə inanma, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. Yüz mövsümi-xoş xürrəm olub illər açılsa, Yüz lalə bitib susənü sünbüllər açılsa, Yüz baği-cahan tazələnib güllər açılsa, Könlüm ki, açılmaz neçə müşküllər açılsa, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. Ah, aldı məni dərdi-fəraqü qəmi-həsrət, Sərməstü xərab etdi yenə badeyi-heyrət, Bir mehrü vəfa etməli yox kim, ola rəğbət, Fövt eyləmə gəl, var ikən əldə dəmi-fürsət, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. Fikr etsən əgər, dəhrin işi bəhri-bəladır, Bir dürri-giranmayəsi min canə bəhadır, Hər nəqşi bir ayineyi-isbati-xudadır, Məqsudi-dü aləm yenə təhsili-rizadır, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak yeksan, belə qalmaz. Ey xəstə Vidadi, bu cahan bir quru səsdir, Bir dəmdə keçir, öylə ki, fəryadi-cərəsdir, Bu bəzmi-fənadə bu nə hənkami-həvəsdir, Gəl durma ki, ömrün keçir, əncami-nəfəsdir, Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. * * * Xəstə düşdüm, gələn yoxdur üstümə Xəstə düşdüm, gələn yoxdur üstümə, Qərib öldüm, bikəs öldüm, yad öldüm, Xəbər olsun yaranıma, dostuma, Qərib öldüm, bikəs öldüm, yad öldüm. Ey sevdiyim, səndən qeyri kimim var, Gəl üstümə, aman öldüm, dad öldüm. Xırdacalar yığıldılar yamma, Fikr elədim odlar düşdü canıma, Başdan belə yazılıbdır şanıma, Qərib öldüm, bikəs öldüm, yad öldüm. Ey sevdiyim, səndən qeyri kimim var, Gəl üstümə, aman öldüm, dad öldüm. Dərdim çoxdur, birin doğm sanan yox, Məgər burda qəm hərfıni qanan yox? Bir ah çəkib cigərindən yanan yox, Qərib öldüm, bikəs öldüm, yad öldüm. Ey sevdiyim, səndən qeyri kimim var, Gəl üstümə, aman öldüm, dad öldüm. Ağla, didəm, qanh yaşın sel olsun, Söyləməyə gizli dərdin dil olsun, Kimim vardır qohum-qardaş, el olsun, Qərib öldüm, bikəs öldüm, yad öldüm. Ey sevdiyim, səndən qeyri kimim var, Gəl üstümə, aman öldüm, dad öldüm. Vidadiyəm, təbib dərdim bağlamaz, ınəm başın düyünləməz, dağlamaz, a yığılar, sərin baxar, ağlamaz. Qərı öldüm, bikəs öldüm, yad öldüm. y ^evdiyim, səndən qeyri kimim var, ə üstümə, aman öldüm, dad öldüm. * * * == Təcnislər == Ey dəhanı şəkər, ləbləri badə Ey dəhanı şəkər, ləbləri badə, Gün camalın eşq əhlinə ayinə. Üzün gördü şeyda könül məst oldu, Nə hacət ki, həşr olunca ayinə. Səni məndən, məni səndən sanaram, Tanrı üçün uzaq tutma sən aram. Vüsalından ayrılalı sanaram, Yetə bilməm həftəsinə, ayına. Sənsiz mənə dolandıqca sal sənə, Əşkim dərya, cismim oldu sal sənə. Nolur niqabını üzdən salsənə Günəş göydə səcdə qıla, ay enə. Neçin kəsdin sinəm üstən ayaqlar, Üzün göstər, sərməst olsun ayıqlar. Həsrət çeşmim, qan-yaş tökər, ay ağlar, Gördüm ola bir də üzün, ayə, nə? Vidadiyi-xəstə oxu miyandır. Qur sən tər sadağın oxumu yandır, Kim hüsnün kitabın oxumayandır, Nə bilir ki, hədis nədir, ayə nə? * * * == Qəzəllər == Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar! Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar, Künci-zülmətdə əcəb qoydun məni heyranü zar. Yarı yox, dildarı yox, bir munisi, qəmxarı yox, Gözdə nəm, xatirdə qəm, heyrətdə hərdəm dilfikar. Dəstü pa bəstə, bədən xəstə, şikəstə sərnigün, Çeşmi giryan, cismi büryan, müztərib can biqərar. Getdi taqət, nazü rif’ət, qədrü hörmət payimal, Dərdi əfzun, əşk gülgün, bəxt gün-gün tirətar. Neçə yüz daği-fəraq ilən Vidadi xəstəni Tarmar etdin sən, ey gərduni-dun, ol tarimar! * * * Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır, Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır. Pərişandır könül, zülfü pərişanlar həvasında Bu sevdadə olubdur mürği-dil avarə çoxdandır. Təbiba, ta ki, düşdük çün həzər rəncuri-eşq olduq, Mühəssəl yetmədi bimarimiz timarə çoxdandır. Qərəz canana mətləb can isə inkarımız yoxdur, Verib can-baş yolunda, durmuşuq iqrarə çoxdandır. Vidadi xəstə kim, düşmüş səadətlər sücudindən, Bəli Sən’ani-dil ta bağlanıb zünnarə çoxdandır. * * * Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif! Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif, Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif? Bilirdim mən fələk verməz visalə çox da üz, amma Bizi saldı əzabi-intizarə müxtəsər Vaqif. Bu gün danla demə, dövran deyildir bir qərar üzrə, Sən ondan ta olunca vaqif, ol səndən keçər, Vaqif! Məcalın var ikən ol yarü həmdərdi güzar eylə, Könül qəmdən açar, yaxşı olur seyrü səfər Vaqif. Bilirsiz qövli-sünnət, bə’di niyyət məhz vacibdir, Hələ rəhm olduğu mə’lumunuzdur, mötəbər Vaqif. Vətən yad eyləməzsiz gər tutalım könlünüz quşdur, Məgər qəti rəhmdən eyləməzsiz bir xəbər, Vaqif. Fələk bər’əksi-dövran olduğundan bir nişandır bu Vidadi xəstə tək düşmüş vətəndən dərbədər Vaqif. * * * Ey badi-səba, məndən ol yarə salam eylə Ey badi-səba, məndən ol yarə salam eylə, Dərdü ələmim bildir dildarə, salam eylə. Görsən üzün ol mahın, bas bağrına gərdun tək, Dön başına yalvarə-yalvarə salam eylə. Key baği-behiştim, mən bir Adəmdim guya, Düşdüm səri-kuyindən avarə, salam eylə. Dərdü qəmi-hicranın hər ləhzə hücumundan Axır ki, cigər oldu sədparə, salam eylə. Gör xəstə Vidadinin daği-cigərin söylə Ol lalə rüxə, çeşmi-bimarə salam eylə. * * * Ey səba, gəl bir xəbər ver cane, canan xandadır Ey səba, gəl bir xəbər ver canə, canan xandadır? Şəhri-könlüm oldu viran, ona sultan xandadır? Bir pəripeykər, mələkru, cismi nazik, simvəş, Qaməti sərvü sənubər, hüsni-taban xandadır? Ağzı püstə, dişləri dür, dili şəkkər, ləbi bal, Xali hindu, çeşmi cadu, tiri-müjgan xandadır? Qaşları hilalə bənzər, türrəsi ənbərfəşan, Zülfü sünbül, buyi gül, gül xətti reyhan xandadır? Ey fələk, aləmdə düşmüş böylə canandan cüda, Gör Vidadi xəstə tək sən bir didərgin xandadır? * * * Ər libasın geyə hər rənglə zən, mərd olmaz Ər libasın geyə hər rənglə zən, mərd olmaz, Mərd hərçənd ki, zən öldürə, namərd olmaz. Gər rəfiqin ola bidərd, dəvasız dərddir, Əhli-dildən gələ min zəxm, o bir dərd olmaz. Gəzsə gər əhli-təmə, dəhri, yüz il sail olub, Vaqifi-hikmət olub, mərdi-cahangərd olmaz. Demə hər surətə bitəcrübə mərdüm göz ilə, Bərg hər növ ki, gülşəndə bitər vərd olmaz. Qəm yemə, xəstə Vidadi, görüb ə’danı kəsir, Haqqa ixlas ilə meydanə girən fərd olmaz. * * * Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən? Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?! Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən? Tutubsan surəti-Yusif, könül Misrində sultansan, Vüsalın qiyməti keçdi Züleyxadən nə istərsən? Sənin eşqin durur ruhum, bu zülfün əql gəncidir, Apardın əqlimi, bəs ruhi-şeydadən nə istərsən? Sən eşq əhlinə, ey zahid, məlamət etməyi tərk et, Deyilsən sirrə vaqif, zöhdü təqvadən nə istərsən? Vidadi xəstə, gəl ədnasüfət dünyayə meyil etmə, Qıl əqlin var isə tərkin, bu dünyadən nə istərsən? * * * Gərçi yüz min aləm içrə var yarından cüda Gərçi yüz min aləm içrə var yarından cüda, Heç kəs mən tək deyil pərvərdigarından cüda. Dərdü möhnətlər xərab etmiş xəyalım xanəsin, Olmadı ayineyi-dil qəm-qübarından cüda. Eyləmiş rövşən qəmər hicrə fəraq iftadəsin Cümlə yarından cüda, həm külli-varından cüda. Sorsa yar əhvali-dil gör bir necə söylər səba, Canü tən bitab, dil səbrü qərarından cüda. Bir bəlakeş görmədim düşmüş Vidadi xəstə tək, Aşinavü həmdəmü həm dostü yarından cüda. * * * Həbibim, ta səni mən sevmişəm əşraf arasında Həbibim, ta səni mən sevmişəm əşraf arasında, Vücudum, atəşi-eşqin yanıbdır saf arasında. Üzün görmək təhəyyürdən tutulmuş nitqimə baxma, Tərəhhüm qıl, özün bir halə yet insaf arasında. Qiyamın bir əlifdir aşiqin eynü xəyalından, Sevirlər can içində, aləmü ətraf arasında. Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən, Nəzərdə cümlədən baş yazılar əsnaf arasında. Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsli-insanda, Vəli bihudə bir sözdür deyirlər laf arasında. * * * Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə, Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə. Vəfa qıl bir vəfadarə, ulaşma hər biiqrarə, Mətaın atma bazarə, xiridar olmayan yerdə. Mənim həmrazü həmdərdim, deyim hər bədnüma gördüm, Hünər kəsb eyləməz mərdüm, bəli, ar olmayan yerdə. Xuda, sən saxla gəl fərdi, çətindir yalqızın dərdi, Pərişanlıq tapar mərdi havadar olmayan yerdə. Dila, laf etmə mütləqdən, düşərsən zülmə nahəqdən, Neçün mərdüm dönər həqdən bir azar olmayan yerdə?! Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən, Necə məqdur olur məskən gülə xar olmayan yerdə. Könül dünyadə yar istər, olubdur biqərar istər, Vidadi xəstə var istər, xaçan yar olmayan yerdə. * * * Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş, Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş. Tamaşa eylədim üstündə heç əl gəzməmiş guya Çəkib bir surə öz cismi kimi nazik tikən tikmiş. Bilir hər kəs, çıxar xoş nazik işlər nazəninlərdən, Bəli, bir lalə üzlü, sərviqəd, nəsrinbədən tikmiş. Uzaqdır, ey həbibim, böylə iş naəhl olanlardan, Yenə bir dərmənd, eşq əhlinin qədrin bilən tikmiş. Nə xoş olmuş Vidadi xəstənin əhvalına vaqif Ki, sə’y etmiş bilib onu, bir əhvalə yetən tikmiş. * * * Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş! Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş, Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş. Bavər etmən, ey mələklər sərvəri kim, bir bəşər Səncə bu xubluqdəvü simadə görmüş, görməmiş. Sanma qılmış teyi-gülzari-çəmən bülbül-həzər Qamətin tək sərvi-xoş azadə görmüş, görməmiş. Ey gözüm saqi, xəyal etmə bu bəzmin rindəsi Şərbəti-lə’li ləbin tək badə görmüş, görməmiş. Kimsə yox aləmdə mütləq bu Vidadi xəstə tək Bir əsiri-dərdi-eşq iftadə görmüş, görməmiş. * * * Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin! Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin! Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin! Dili bülbül, ləbi mey, xali fülfül, zülfləri sünbül, Mələkxu, yasəmənbu, gül’üzarım, sən səfa gəldin! Yüzüm xaki-rəhində fərşdarəm, xoş qədəm basdın! Şəhim, həm şəhriyarım, şəhsüvarım, sən səfa gəldin! Xəyalım gülşəninə sayə saldın sərv qəddindən Açıldı səbzələndi laləzarım, sən səfa gəldin! Vidadi xəstə tək düşmüşdü biaram can sənsiz, Vücudim, taqətim, səbrim, qərarım, sən səfa gəldin! * * * Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar, Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar. Nə qəfilsən ki, mütləq ahi-dilsuzim əsər qılmaz, Sədayi-naləmə aləmdə munca göz-qulaq artar. Məni gər məst edibsən, saqiya, xoş halim ondandır, Dolandırdıqca cami-eşq dövründə əyaq artar. Qərəz cövrin ziyadi-tərki-eşq isə füzun eylə, Cərahət qalib olduqca təbibə iştiyaq artar. Vidadi xəstəyəm məşhur halim dövri-hüsnündə Vəli yüz şükür ki, can əksilir eşqi-məzaq artar. * * * Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış, Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış. Demə kim görmüş cahan şəm’i-cəmalın tək çıraq, Ya ona canım kimi pərvanə olmuş, olmamış. Sürmə mən Məcnunu qapından, ey Leyliyi-dəhr, Dərgahında nola bir divanə olmuş, olmamış? Olmadı bir gün, Vidadi xəstə, giryan olmadın, Kimsə onu görmədi xəndanə olmuş, olmamış. * * * Söylə cananə, səba, halım pərişan oldu, gəl Söylə cananə, səba, halım pərişan oldu, gəl! Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl! Qasidi-bisidqə aldanma, yetir, hal özgədir, Türfə şivənlər qopub üstümdə əfğan oldu, gəl! Enmədən sinə vücudum, doldu qəbrim qan ilə, Gördüyün nazik bədən xak ilə yeksan oldu, gəl! Rəxti-tərdən incinən tən həmdəm olmuş marilə, Üz tutub qarıncalar yollara karvan oldu, gəl! Gördüyün zahir ələm tək şənü şövkət sahibi İndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl! Neçələr giryan olubdur bu Vidadi xəstə tək, Didələr giryan olub çaki-giriban oldu, gəl! * * * Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust! Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust! Dürci-dəhənin höqqeyi-dürdanə, tək ey dust! Gülzari-behişt tək açılıb rövzeyi-hüsnün, Bimar gözün nərgisi-məstanə tək, ey dust! Ol dəm ki, göründü gözümə şəm’i-cəmalın, Yandırdı məni şövq odu pərvanə tək, ey dust! Fikr eylədi ahu gözünü xəstə Vidadi, Düşdü yenə səhralara divanə tək, ey dust! * * * Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm, Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm. Görüb mərdümləri bitəcrübə, ey mərdüm, aldanma, Məhəksiz bilmək olmaz qəlbini, çox simü zər gördüm. Səxavət olmayan kəsdə şücaət fe’li-nadirdir, Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. Əkabirlərdə himmət, aşinalarda sədaqət yox, Vəfa kuyin dolandım, mütləqa yox bir bəşər gördüm. * * * Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür, Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür. Həvayi-eşq sərdə, xatirində vəsl sevdası, Dilində əzbəri-yarü cinan ölmək nə müşküldür. Tamaşayi-camalından nəzərlər olmaya xali, Nizami-xəttü xalı xoşnişan ölmək nə müşküldür. Kəlamı, nitqi, ləfzi xoş, dili şirin, üzü xəndan, Qiyami-qaməti sərvi-rəvan ölmək nə müşküldür. Çəkə həsrət görənlər, görməyənlər arizusunda, Ola dillərdə vəfi hər zaman, ölmək nə müşküldür. Keçib peykan bağrından, düşüb məcruh sərgəştə, Ola al qanına qəltan ölmək nə müşküldür. Verə qürbətdə can, yanında yarü həmdəmindən yox, Qala könlündə hər sirri nihan, ölmək nə müşküldür. Təkəllümdən düşüb dil, tabü taqət qalmayıb canda, Gözü yollarda qalıb bizəban ölmək nə müşküldür Tamam olmaz yüz il şərh eyləsəm bu dərdi-bidərman, Qəribü bikəsü bixaniman ölmək nə müşküldür. Neçə növrəs cəvani-sərəfrazından cüda, həsrət, Vidadi, xəstə düşmək, natəvan ölmək nə müşküldür. * * * Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş, Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş. Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər, Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş. Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhal Hüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş. Demə kim üşşaq qanın tökməyə qəmzən kimi Qatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş. Çün dəva yox eşq dərdinə nə fərq eylər təbib, Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş. * * * Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm! Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm, Bu təhəyyürdən tutulmuş könlümün heyraniyəm. Gər görürsən əqlü tədbirü fərasətdən cüda, Bihünər sanma əbəs kim, eşqlə mərdaniyəm. Canı canandan diriğ etmən, dili dildardən, Navəki-qəmzə sevən, əbru kəman qurbaniyəm. Məsti-cami-Cəm olub şürbi degilsən gərçi mən, Tacü təxti-fərq ilən qəm mülkünün xaqaniyəm. İzzü cah ilə mənim qeyr ilə yox davam vəli, Mən Vidadi xəstəyəm, öz şəhrimin sultaniyəm. * * * Yanar cismim bu gün atəşlərə canü cigərdən çox Yanar cismim bu gün atəşlərə canü cigərdən çox, Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox. Açılmaz taleim sübhü, olubdur tirə əyyamım, Salıbdır bəxtimi bu dideyi-dövran nəzərdən çox. Görüb əhvalımı tə’n etmə, ey tənpərvəri-dövran, Həvayi-eşq ilə çox qissələr keçdi bu sərdən çox. Demə, ey deyil, cahanda yox mənim tək dəhr pamalı, Nə vardır aləmi-möhnətdə sən tək dərbədərdən çox. Nəsibin, ey Vidadi xəstə, təqdiri-qəzadəndir, Təhəmmül eylə, fikr et, görmə nöqsanın bəşərdən çox. * * * Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq, Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq. Mənə munca təvəhhüm çox verirsən ruzi-məhşərdən, Qiyamət varmı, ey vaiz, fəraqi-yardən artıq? Ayağım kəsməzəm laf ursa min səg yar kuyində, Nə surət göstərir ol, surəti-əğyardən artıq. Dirilmən dərdi-eşqü möhnəti-didarsız bir dəm, Olardır həmdəmim firqətdə yüz qəmxardən artıq. Vüsali-yardən gər müddəi yüz müddəa eylər, Vidadi xəstənin könlündə yox didardən artıq. * * * Yarəb, bu gedən sərvi-sərəfraz kimindir? Yarəb, bu gedən sərvi-sərəfraz kimindir? İnsan bu surətdə olur az, kimindir? Xəlq içrə ki, yoxdur belə məqbulü müzəlləf, Meydani-gözəllikdə bu sərbaz kimindir? Qaşı, gözü, əndamı, təmamən əl ayağı, Hər bir sümüyü başına yüz naz kimindir? Munca ki, sərapa bəzənib dürlü cəvahir, Zərrin qəba, simu sərəndaz kimindir? Tuş oldu sənə, xəstə Vidadi, bu əcəldir, Yoxsa ki, nə sözdür belə şəhbaz kimindir? * * * Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar, Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar. Könül şəhbazını əldən uçurdum, taqəti getdi, Düşüb pərvazə meyil etməz, sınıbdır pərrü bal, ağlar. Mənəm o bağibani-baği-möhnət kafəti*-dövran, Yıxıb gülzari-ömrümdən necə tazə nihal, ağlar. Sirişkimlə xəyalım yadigari-ruzi-firqətdir, Budur, vəchi ki, onu saxlaram hər mahü sal, ağlar. Əziza, qaldı həsrət həşrə tək didar didarə, Kəsildi hər tərəfdən, yox bir ümmidi-vüsal ağlar. Demən fəryadi-zərimdə əbəs dağlara ün düşmüş, İtirmiş gözlərim səyyadi bir türfə qəzal, ağlar. Çətindir can bədəndən cismi-tər yanından ayrılmaq, Odur bu gündə düşdükcə, Vidadi xəstəhal ağlar. * * * == Müxəmməslər == Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün, Eylədi bir növcavanı xak ilə yeksan bu gün. Oldular matəm tutub xəlqi-cahan giryan bu gün, Getdi bu dari-fənadan döndü çün dövran bu gün. Rəkli xanın sevgili fərzəndi ol Livan bu gün. Qopdu bir şivən sanasan çərxi-dövran ağladı, Dözməyib bu möhnətə canı olan qan ağladı. Xaçpərəstlər hər nə var, cümlə müsəlman ağladı, Necə dil tutsun deyim bir hal ilə xan ağladı, Atəşi-əfğanə yandı, külli Gürcüstan bu gün. Cəm edib dörd yanına Gurgin xan mirzaləri Bir-birilə danışır hər bir keçən sövdaləri, Sındırıb düşmənləri, kor etdiyin ə’daləri, Yada düşdükcə çıxar fəryadü vaveylaləri, Eylə sanır xəlqi-aləm qopdu bir tufan bu gün. Bu müsibət məhşərində ol Dedunalı görün, Zəxmi-naxun, sinədə üzdə sirişk alı görün, Fərş olub torpağa üz, bihuşü pamalı görün, Naleyi-zarü fəğanı, böylə əhvalı görün, Daş ola ağlar, necə tab eyləsin insan bu gün. * * * Kitabxana.az · https://kitabxana.az/authors/vidadi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1809). Public domain (author died 1809). Original text only.