Xəstə Qasım. Əsərləri Xəstə Qasım (1684–1760) == Qoşmalar == Al indi Nə müddətdi həsrətini çəkirdim, Zənəxdanı etdin mənə al indi. Talan salmış Hində, Bəlxə, Həbəşə, O qaş indi, o göz indi, xal indi. Məclisində al şərablar içilir, Buxağından ətri-güllər saçılır, Dindirəndə dəhanından açılır, Şəkər indi, nabat indi, bal indi. Qurban olum ənisinə, elinə, Zəmişan şəddəsin çalmış belinə, Payəndazdı nazlı yarın yoluna, Bu baş indi, bu can indi, mal indi. Yar getdiyi atlas ilə xaradı, Məni qoyub özgələrə varadı, Ay ağalar, mənim baxtım qaradı, Kitab açdım, belə gəldi fal indi. Xəstə Qasım, dost kuyinə varanlar, Namus anlar, qeyrət anlar, ar anlar, Hərf içində əlif idim, yaranlar! Fələk əydi qəddim, oldum dal indi. * * * Ay ariflər Ay ariflər, bir tərlanım uçubdu, Sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrü-bəhrin görməsin, Mən yazığın naləsi var dalınca. Gümüş kəmər bağlayıbdı belinə, Danışdıqca mail oldum dilinə, Gül uzatdım nazlı yarın əlinə, Canım aldı, gülü məndən alınca. Alimdən dərs aldım əlif-bey üçün. Sürahilər düzülübdü mey üçün, Dəli könül, qəm çəkirsən nə üçün? Qəmli günün şad günü var yanınca. Xəstə Qasım vədə verdi yüz ilə, Yaşılbaşlar göldən-gölə düzülə. Bir igid ki, qatarından üzülə, Ölüm yeydi, bu dünyada qalınca. * * * Aşnalığı Ay ağalar, gəlin sizə söyləyim, Əzəl yaxşı olar, yar aşnalığı. Sən sevəsən, yarın səni sevməyə. Olar bülbül ilə xar aşnalığı. Bağban odur zəhmət çəkə, əlləşə, Saldığı bağ çiçəkləşə, gülləşə. Əgər gücsüz güclü ilə güləşə, Olar tərlan ilə sar aşnalığı. Xəstə Qasım qəm əlindən məst ola, Əhli-dərviş xırxasında pust ola. Bir adam ki, loxma ilə dost ola, Olar yağış ilə qar aşnalığı. * * * Bir ola Dörd dəvriş istərəm Əhmədi Ləzgi, Bütün bu dünya ilə başı bir ola. Haqqın adın zikr eyliyə dilində, Dolana gərdişi işi bir ola. Bir otaq istərəm gümüşdən kanı, Onun kərpicini gətirən hanı? Bir heyvan istərəm qırx iki canı, Başı qoltuğunda, döşü bir ola. Mən bir nər istərəm götürə dağı, Əvsarını çəkə Əliyən Nağı. Cənnəti rizvanı behiştin bağı, Altmış min bostanın işi bir ola. Xəstə Qasım deyər neçə min neçə, Yetmiş min darvaza, səksən min küçə. Bir alim istərəm bu sirri seçə, Hər biri min kəlmə, başı bir ola. * * * Beşi nə Beş yaşımdan on beş yaşa yetişdim, Beşin atdım, beşin tutdum, beşi nə? Haqq tərəfdən doğru yola yetişdim, Bəlli oldum mən biyabar beşi nə? Ömür bənzər dağ başında dumana, Qəflətcə mən də yetdim ümmana, On beş şey vacib oldu islama, Beşi Sulidin, beşi Firudin, beşi nə? Xəstə Qasım qaldı həyat içində, Din bir, xuriman şərait içində, On beş şey də gəldi səlat içində, Beşi oruc, beşi namaz, beşi nə? * * * Gizlənər O necə quş idi yaz gələr bağa, Sinəmi çəkiblər düyünə, dağa. Bir şana, bir bafta, bir də bir cığa, Bu üçü bir olsa, teldə gizlənər. O necə quş idi qayada səkər, Qaynağı neştərdi, qanımı tökər. Bir noğul, bir nabat, bir də bir şəkər, Bu üçü bir olsa, dildə gizlənər. O necə quş idi, anasın əmər, Havada dövr edər şəms ilə qəmər. Bir qılınc, bir xəncər, bir də bir kəmər, Bu üçü bir olsa, beldə gizlənər. Aladı gözləri, şəhlayi nərgiz, Sənin tək bir gözəl bulunmaz hərgiz, Bir bulaq, bir hovuz, bir də bir kəhriz, Bu üçü bir olsa, kolda gizlənər. Xəstə Qasım deyər, ləbi ballı qız, Bir şirin gövtarlı, üzü xallı qız, Bir qələm, bir tavat, bir də bir kağız, Bu üçü bir olsa, əldə gizlənər. * * * Deyərlər Ay ağalar, gəlin sizə söyləyim, Yalqız daşdan olmaz, divar deyərlər. Bəzirgansan, aç mətahın, xırd eylə, Ararlar: yükündə nə var? — deyərlər. Ovçu olan bəslər alıcı quşu, Sərraflar tanıyar qiymətli daşı, Bir oğul atadan artırsa işi, El içində ona tavar deyərlər. Qızıl gülü dəstə-dəstə dərginən, Dəribən də yaylıq üstə sərginən. Hər nə versən öz əlinlə verginən, Yüz qadanı başdan sovar deyərlər. Neynirəm bir bağı, barı olmasa, Alması, heyvası, narı olmasa. Bir igidin dövlət-varı olmasa, Yeləksiz ox kimi çovar deyərlər. İsgəndər atlandı, çıxdı zülmətdən, Qasım, Xızr içdi abı-həyatdan. Bəhsə duşsə igiddən, qılıncdan, atdan; Süfrəni hamsınnan kübar deyərlər. * * * Dəli könül, məndən sənə əmanət Dəli könül, məndən sənə əmanət, Demə bu dünyada qalım yaxşıdı. Bir gün olar, qohum, qardaş yad olar Demə ulusum var, elim yaxşıdı. Bir məclisə varsan özünü öymə, Şeytana bac verib, kimsəyə söymə, Qüvvətli olsan da yoxsulu döymə, Demə ki, zorluyam, qolum yaxşıdı. Qoçaqdan olubsan, qoçaq olgunan, Qadadan, baladan qaçaq olgunan, Aşıq ol, comərd ol, alçaq olgunan, Demə; varım çoxdur, pulum yaxşıdı. Xəstə Qasım, kimə qılsın dadını? Canı çıxsın, özü çəksin odunu, Yaxşı igid yaman etməz adını, Çünki yaman addan ölüm yaxşıdı. * * * Divanəsidi Gecə-gündüz həsrətini çəkirəm, Xəyalım xəyalın divanəsidi. Məni səndən uzaq saldı seyraqub, Bu çərxi-gərdişin zəmanəsidi. Mina boylu, siyah telli sevdiyim, Uzaq durub yaxın sözün dediyim. Acı sözün şəkər kimi yediyim, Yarım gözəllərin vəfalısıdı. İnsaf eylə, ay beymürvət, ay zalım, Dolanım başına, dərdini alım. Ala gözlü, şux baxışlı tərlanım, Qasım da gözlərin sadağasıdı. * * * Eylər-eylər Bir elə kişinin tut ətəyindən, Bil sənə imdadı ol eylər-eylər. Zərrəcə üstündə olsa nəzəri Yerdən daş götürsən, ləl eylər-eylər, Böhtan demə, böhtan tutar adamı, Qul eylər, bazarda satar adamı Cəhənnəm odundan betər adamı Yoxsulluq yandırar, kül eylər-eylər. Aqil insan deməz hər gördüyünü, Daldalar düşməndən vay dərdiyini, Görməzsən nakəsin pay verdiyini, Versə də, töhmətin bol eylər-eylər. Xəstə Qasım deyər sözün bu başdan, Pay umma qohumdan, yaddan, qardaşdan, Özün əmək çəksən, su çıxar daşdan, Əridər dağları yol eylər-eylər. * * * Əli Ərşi zəmin nohu qələm yox ikən, Varlığa hamıdan tez gələn Əli. Ustadlar ustadı özü olubdur, Cəbrayil məqamın düz bilən Əli. Sənin hörmətinə quruldu varlıq, Həyatın zəmzəmi, o suyu dirlik. Səndən kəşf olundu, elm və birlik, Cəmi dillərnən söz bilən Əli. Xəstə Qasım üzərmi daməndən əli? Aləmi zərridə demişəm bəli. Bir ismin Əlidi, bir ismin Vəli, Cəmi pünhan dərdi tez bilən Əli. * * * Əlimdə Üç gündür çıxmışam o Tikmədaşdan, Qapına gəlmişəm canım əlimdə. Ayağın torpağı qibləgahımdı, Sızıldaram giribanım əlimdə. Şeyda bülbül kimi yaman ağlaram, Sinəm başın düyünlərəm, dağlaram. Ləzgi kimi yüz aşığı bağlaram, Əgər olsa süxəndanım əlimdə. Xəstə Qasım, kəsilibdir xitabım, Qızılgül tək çəkilibdir gülabım. Cədvəlkeş quranım, qızıl kitabım, Yoxdur zərli qələmdanım əlimdə. * * * Əhsənül xaliq Əzzəl bismillah nameyi heydər, Göydən yerə endi əhsənül xaliq. Doxsan min kəlməni bəyan eylədi, Onda nə buyurdu əhsənül xaliq. Sureyi Əlhəmdi quranı binnət, Ərrəhman, irrəhman pakizə sünnət. Yusə bismillah, mahı səmavət, Fatiə, bərəkətullah əhsənül xaliq. Xəstə Qasım deyər fəhm edə bilməm, Baratı, yasini fəhm edə bilməm. Bu dünyanın işin fəhm edə bilməm, Özün qismət eylə əhsənül xaliq. * * * Getdi Necə qəhrəmanlar gəldi dünyaya, Köç vaxtı yetişdi, tez oldu getdi. Rüstəmin zərbindən titrədi dağlar, Düşdü dastanlara söz oldu getdi. Hakimlik eylədi çox uzun vaxtı, Bütün kainata Süleyman baxdı. Tərsinə döndü şah Cəmşid taxtı, Firudinin dərdi yüz oldu getdi. Necoldu Keykavus, hanı Keyqubad, Hansı bu dünyadan almışdı murad? Allahlıq eylədi Fironla Şəddad, Nəmrudun qalası düz oldu, getdi. İskəndər Daranı taxtmdan saldı, Cahana şah gəldi, sonu nə aldı? Yarı yolda öldü, Misirdə qaldı, Qasım kimi yandı, köz oldu getdi. * * * Gəlirsən Səhralarda seyr eləyən xan oğlu, Bir xəbər ver görüm handan gəlirsən? Hüsn içində şövkət oğlu, şan oğlu, Məgər təxti Süleymandan gəlirsən. Oğlan qaşın məscidin, mehrabın tağı, Qara qaşın kəskin cəllad yarağı. Şux camalın nur eləmiş oylağı, Elə sanki İsfahandan gəlirsən. Saçların qıvrılıb olub çin-çini, Qara xalın çapdı Fəğfuri Çini. Gəncə ötəlgisi, Bərdə laçını, Ya Dərbənddən, ya Şirvandan gəlirsən. Başına döndüyüm xanların xanı, Gəncənin xanısan, Bərdə sultanı. Ya hurisən, ya Bağ- İrəm qılmanı, Ya mələksən asimandan gəlirsən. Bəlli, Laçın oylağından cidasan, Qara bağrım qaynağında didəsən. Xəstə Qasım, şah yolunda fədasan, Keçib aşıb dağdan, çəndən gəlirsən. * * * Gülü məndən alınca Ay ariflər, bir tərlanım uçubdur, Sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrü-bəhrin görməsin, Mən yazığın naləsi var dalınca. Gümüş kəmər bağlayıbdır belinə, Danışdıqca mail oldum dilinə. Gül uzatdım nazlı yarın əlinə, Canım aldı, gülü məndən alınca. Alimdən dərs aldım əlif, bey üçün, Sürahilər düzülübdü mey üçün. Dəli könül, qəm çəkirsən nə üçün, Qəmli günün şad günü var yanınca. Xəstə Qasım və’də verdi yüz ilə, Yaşılbaşlar göldən-gölə düzülə. Bir igid ki, qatarından üzülə, Ölüm yeydir, bu dünyada qalınca. * * * Ha mayıl oldu Yatmışdım, üstümə gəldi bir pəri, Yenə yar sevdası ha mayıl oldu. Dərdi-qəmim cana əsər elədi, Qolların boynuma həmayil oldu. Təbib görsün yaralarım, sinəm aç, Öz əlinlə bu düyünüm, sənəm, aç. Demiş idin, hər gün verrəm sənə maç, Günüm aya döndü, həm ay il oldu. Vardım dost kuyinə, sək sana durdu, Dərdim tək bir ikən, səksənə durdu. Qasımı görəntək səksənə durdu, Gözəllər qəflətən həm ayıl oldu. * * * İndi Qəm əlindən şikəstəyəm, ovrağam, Dilim eylər nalə indi, zar indi. Xeyli vaxtdı camalına müştağam. Soruş indi, danış indi, yar, indi. Bizim yerdə naz çəkməyə tab olmaz, Vallah, hüsnün kimi mahitab olmaz, Şuxluğuyla məmələrə bab olmaz, Narınc indi, turunc indi, nar indi. Mənim yarım illərətən sağ ola. Dörd çövrəsi behişt ola, bağ ola, Nə həddi var sədrin kimi ağ ola, Kağız indi, bəyaz indi, qar indi. Bülbül olan hərgiz dönməz gülündən, Dindirərsən bal tökülər dilindən. Yeddi yerdən sarmaşıbdı belindən, Xəbərdar ol, səni çalar mar indi. Mən Qasımam, miskin-miskin baxaram, Ümman olub dəryalara axaram, Ah çəkəndə yandırıban yaxaram. Dolanmasın gül yanına xar indi. * * * İnsan Yaxşı fikir elə, qafil dolanma, Qəlbini şeytandan yad elə, insan! Halal yaşa, bir kimsədən utanma, Yıxma könülləri, şad elə, insan! Dünya dediyin bir fanidir, fani, Əzəl Nuh gəlmişdi, görünmür, hanı? Yola saldm İskəndər tək xaqanı, Bizə də əsəcək bad elə, insan! Xəstə Qasım, düşünməyin bihuşdu, Bənadam dediyin yuvasız quşdu. Səxasız dövlətin axırı puçdu, Ye malm, dəhanda dad elə, insan! * * * Kəkliklər Mən gedirəm sizi kimə tapşırım, Dam üstündə duran sona kəkliklər. Al-yaşıl geyinib tirmə bağlarsız, Nə giribsiz dondan-dona, kəkliklər. Gözəl kəklik dam üstündə səs eylər, Qaqqıldaşar bir-birilə bəhs eylər. Bilmirəm toy eylər, yoxsa yas eylər, Caynağınız batıb qana, kəkliklər. Gözəl kəklik dam üstündə durubdu, Gərdən çəkib necə boynun burubdu. Heç bilmirəm ovçusunmu görübdü, Üz çevirib biyabana kəkliklər. Kəkliyin oylağı qayalar başı, Qaqqıldaşıb tapar yoldaş yoldaşı. Bərəsi bərk olsa, ovçusu naşı, Uçub gedər asimana kəkliklər. Nə dərdiniz varsa mənə söyləyin, Şirin namə yazın, bəyan eyləyin. Siz Xəstə Qasımı halal eyləyin, Çünki gedir Dağıstana, kəkliklər. * * * Xəbər ver Hökumət məqamında əyləşən alim, Əvvəl mənə Yamən Hudan xəbər ver. Ərşin sütununda merac evində, Söz nə keşdi, Gövtu- Gudan xəbər ver. O kim idi yerə çaldı mayanı, O, kim idi bərkitdi səngi qayanı. O, nədir ki, kökdə altdan bəyanı, Bərri, bəhri sibi-dudan xəbər ver. O kim idi lohu məhbus oxudu, O kim idi peyğəmbərə kəfən toxudu. Adəmdən əvvəl siqa yox idi, Vəqən vəşdi ənnab dudan xəbər ver. O kim idi peyğəmbərə əsabə, O kim idi apardılar qəssabə. Xəstə Qasım yetik deyil hesaba, Həfti, həmdi sibi- dudan xəbər ver. * * * Qalıbdı Köhnə Şamaxının seyrin eylədim, Əl dəyməmiş təzə bağlar qalıbdı. Elə köçüb gedib ulusu, eli, İşlənməmiş ağ otaqlar qalıbdı. Fələk, şad könlümdən alma həvəsi, Ayırma yarımdan, tutaram yası, Necə oldu bu seyvanın yiyəsi? Dərd-qəmi var, tamam ağlar qalıbdı. Xəstə Qasım adım, şaha deyili, Çərxi-fələk, səndən mənəm gileyli, Elə köçüb gedib bivəfa Leyli, Bircə Məcnun, bir də dağlar qalıbdı. * * * Qal indi Obalarmız səf-səf olub yüklənir, Başı ala qarlı dağlar, qal indi. Biz içmədik abi-kövsər suyundan, Soyuq sular, tər bulaqlar, qal indi. Bivəfasan, heç görmədim vəfan, yar! Tifil ikən çox çəkmişəm cəfan, yar! Mən öləndə kimlər sürər səfan, yar?! Fərş döşənmiş ağ otaqlar, qal indi. Bivəfasan, vəfan yoxdu dünyada, Aşnanın sirrini verərsən yada. Şamamanı dərdirərsən xoryada, Səbzə-bostan, sarı tağlar, qal indi. Xəstə Qasım, tamam oldu sözlərim, Eşq ucundan kabab oldu közlərim, Qərib yerdə, yad ölkədə gözlərim, Vətən deyib ağla, ağlar qal indi. * * * Qurbanı Qəriblikdə mənə həmdəm olan yar, Bir bəri gəl, ayaqların qurbanı. Şikəstə könlümə məlhəm olan yar, Dilin, dişin, dodaqların qurbanı. Könlüm istər yara qurban olmağa, Dolanıb başına heyran olmağa. Ala gözlü yara mehman olmağa, Fərş döşənmiş otaqların qurbanı. Xəstə Qasım, sən yolundan azarsan, Məcnun kimi səhraları gəzərsən. Ala gözlü yara namə yazarsan, Qələmdanın, barmaqların qurbanı. * * * Mənə Qədir gecəsində mətləb dilədim, Tərəhim eylədi o mövlam mənə. İki kimsənədən nur bəyan oldu, Aşikar göründü afitab mənə. Xab içində qulağa gəldi səda, Əlində cam, ağam verdi bir bada. Nazlı yarı mənə verdi o buta, Ərşidən endi bir şirin xab mənə. Səksənib qalxdım mən o xabi məstdən, Hər mətləbim vardı dilədim haqqdan. Nagahanı bir səs gəldi Hatifdən, Xabdan durmağı etdi xitab mənə. Xəstə Qasımam dəsti-rəst oldum, Şahın üzün görüb kəmərbəst oldum. Ağamın payı eşqindən məst oldum, Orda bəyan oldu, dörd kitab mənə. * * * Məni Qəriblikdə qəmxarımsan, əzizim, Yetirəsən bir də dosta naməni. İkidilli yardan həzər eylərəm, Salar dildən-dilə, dastana məni. Qarşı durdum, Leyli dağı göründü, Boyun tək sürahi sağı göründü; Qoynunda şamama tağı göründü, Bəs niyə qoymursan, bostana məni? Ağzını oxşatdım zənbura, şana, Naşı bülbül uçub qonar gülşana. Yar, oxuna sinəm tutdum nişana, Bəs niyə vurmursan, qəsdən, a məni? Mən Qasımam, uzaq atdın daşımı, Didəmdən axıtdın qanlı yaşımı. Dost yolunda mən qoyaram başımı, Doğru qəbul etsə astana məni. * * * Naməni Qəriblikdə qəmxarımsan, əzizim, Yetirərsən bir də dosta naməni. İkidilli yardan həzər eylərəm, Salır dildən-dilə, dastana məni. Qarşı durdum Leyli dağı göründü, Boyun tək sürahi, sağı göründü, Qoynunda şamama tağı göründü, Bəs niyə qoymursan bostana məni? Ağzını oxşatdım zənbura, şana, Naşı bülbül uçub qonar gülşana, Yar, qəmzənə sinəm tutdum nişana, Bəs niyə vurmursan, qəsdən, a məni? Mən Qasımam, uzaq atdım daşımı, Didəmdən axıtdım qanlı yaşımı, Dost yolunda mən qoyaram başımı, Doğru qəbul etsə astana, məni. * * * Necola Ay ağalar, nakam getdim dünyadan, Yarəb, mənim xanımanım necola? Gövhərtək sözlərim, bayatılarım, Ləbi şirin süxəndanım necola? Anam yoxdu gözlərindən yaş tökə, Halalım yox, sinəm üstə saç tökə, Qardaşım yox, qəbrim üstə daş tökə, Yarəb, mənim ağlayanım necola? Hayıf ola, ağ biləklər, bazılar, Ahum otlar ceyran ilə yazılar. Qohumum yox, qardaşım yox, qazılar! Yarəb, mənim hal-əhvalım necola? Bu gen dünya üstümüzə dar ola, Biz köçərik, yurdumuzda kim qala? Əhmədimin gül əndamı sarala, Mənim sərvi-xuramanım necola? Mən Qasımam, daha qalmadı tabım, Qızılgüldən çəkilibdi gülabım, Cədvəlkeş Quranım, qırx cüz kitabım, Üstü zərli qələmdanım necola? * * * Nə seçsin müştəhid, nə bilsin alim İstərəm mən bir söz bünyad eyliyəm, Şahım, sana məlum olsun kamalım. İyirmi səkkiz hərf heca eyliyəm, Nə seçsin müştəhid, nə bilsin alim. Mən həriflərdən evlər yaradaram, Göyərəndə şir olsa da basaram. Boş gövtara haçan qulaq asaram? Dəryayi ümmana mən bir misalim. Leyliyə fərzəndəm, Məcnuna qardaş, Şirinə həmtayəm, Fərhada yoldaş. Adım Xəstə Qasım, yerim Tikmədaş, Əslində şahzadə, məlum məhalim. * * * Lam-ləng ola Mərifət bəhrində, ədəb-ərkanda, Bir igid istərəm lam-ləng ola. Atı Düldül ola, qılıncı düsər, Dayanmaz, qabaqda yüz pələng ola. Sərində görmüşəm cığalı çəngər, Üzündə duymuşam müşk ilə ənbər. Kənan şəhrində Yaqub peyğəmbər, Yusif tək camalı çox qəşəng ola. Fərhad qaya çapar, sənginə yetməz, Kimsə ərənlərin dənginə yetməz, Heç cəng o movlanın cənginə yetməz, Ya rum, Qeysər, ya Firəng ola. Xəstə Qasım əl götürməz daməndən, Sidqini bağlayıb Sahib-Zamandan, O gün çox qorxuram Şahi-Mərdandan, Çəkə Zülfüqarın xulqu təng ola. * * * Ola Bir gözəl sevəsən boyu tamaşa Görən kimi könül ona bənd ola. Gözəlliyi, gül camalı bir yana, Dil-dodağı şəkər ola, qənd ola. Bir gözəl sevəsən qaməti bəstə, Görəndə aşiqi eyləyə xəstə. Çoxdan axtarıram bir elə kəs də İşarə anlaya, dərdimənd ola. Mən Qasımam, əl götürməm canandan, Canan qarşı gəlsə, keçərəm candan. Rəngi artıq ola güldən, reyhandan, Zülfləri boynuma bir kəmənd ola. * * * Ola Usta, məni gözlərinə fəda qıl, Səndən saz istərəm, amma saz ola! Dindirəndə imran dillə danışa, Şeyda bülbüllər tək xoşavaz ola! Yamanı yamana, yaxşını mərdə, Tərifini edim hər düşən yerdə, Dolaşmaya simlər, vurmaya pərdə, Gözəllər tək onda işvə, naz ola. Xəstə Qasım sözüm söylərəm əyan, Elə car eylərəm bəyanbəbəyan, Qiymətin soruşsan, tamam min tümən, Nə ondan çox ola, nə də az ola! * * * Olmaz Dəli könül, nə divanə gəzirsən, Bivəfa dilbərdən sənə yar olmaz. Düz çıxmaz ilqarı, əhdi-peymanı, Hərcayıda namus, qeyrət, ar olmaz. Üz vermə nadana, sirr vermə pisə, Axır qəlbin ya inciyə, ya küsə, Ot bitər kök üstə, əsli nə isə, Yovşan bəsləməklə çəmənzar olmaz. Vəfalıya əmək çəksən itirməz, Bədəsil nəsihət, öyüd götürməz Qabaq tağı tər şamama bitirməz, Göy söyüddə heyva olmaz, nar olmaz. Təklif olunmamış bir yerə varma, Nər olmaz meydanda hər bığıburma, Seyraqıb adama sən yaxın durma, Xain çıxar, onda düz ilqar olmaz. Xəstə Qasım günü keçmiş qocadı, Gələn bəzirgandı, gedən xocadı, Sərv ağacı hər ağacdan ucadı, Əsli qıtdı, budağında bar olmaz. * * * Olsun Yeri, gözəl, yeri, sənə qarğaram. Ölənədək işin ahü-zar olsun. Siyah zülfün dal gərdəndə sərasər, Halqa-halqa, çinbəçindən mar olsun. Gözəllər içində giryan olasan, Yanasan odlara, büryan olasan, Vəfalı yarlara qurban olasan, Onlara baxanda sənə ar olsun. Mən qurbanam yaxşıların muyuna, Hündür qamətinə, gözəl boyuna, Sənin soyun dönsün sonsuz soyuna, Gül açmasm bağçanızda, xar olsun. Ay qız, bir kəs bilməz sənin sirrini, Qiyamətdə yandrrsmlar dərini, Yatan vaxtda şahmar vursun ərini, Naləsindən qulaqların kar olsun. Xəstə Qasım dost yolunda qalanda, Əl uzadıb qol boynuna salanda, Kefin durulanda, könlün olanda, Bizə gələn ayaqların var olsun. * * * Oxurdu Bir nazənin sevdim məktəbxanada, Haqq kəlamın dil əzbərdən oxurdu. Əlinə almışdı eşqin kitabın, Mənim dərsim dil əzbərdən oxurdu. Mən tanıram öz yarımı nəfəsdən, Ol səbəbdən könlüm düşməz həvəsdən. Tavuz kimi səda verər qəfəsdən, Bülbül kimi xoş dəftərdən oxurdu. Xəstə Qasım kömək dilər mövladan, Naz-qəmzəsi aşıqləri aldadan. Həya eylər,hicab eylər molladan, Gah yavaşdan, gah hündürdən oxurdu. * * * Saz ola Usta, məni gözlərinə fəda qıl, Səndən saz istərəm, amma saz ola. Dindirəndə imran dillə danışa, Şeyda bülbüllər tək xoşavaz ola. Yamanı yamana, yaxşını mərdi, Tərifini edim hər düşən yerdə. Dolaşmaya simlər, vurmaya pərdə, Gözəllər tək onda işvə, naz ola. Xəstə Qasım sözüm söylərəm əyan, Elə car eylərəm, bəyanbəbəyan. Qiymətin soruşsan, tamam on tümən, Nə ondan çox ola, nə də az ola. * * * Sevdiyim Qədəm basdın didələrim üstünə, Sən xoş gəldin, səfa gəldin, sevdiyim! Qurban olum siyah çeşmin məsdinə, Nə əcəb insafa gəldin, sevdiyim! Sabahadək didələrim uymazdı, Seyrağıblar qanımızdan doymazdı, O zalımlar səni mənə qıymazdı, Sən elədin vəfa, gəldin, sevdiyim! Əndəlib1 tək ayırdılar gülümdən, Ah çəkərəm ürəyimdən, dilimdən, Əğyar tənəsindən, mənim elimdən, Çəkdin cevri-cəfa, gəldin, sevdiyim! Yar yanmda yaslanaram mən yüz il, Sən təzə qönçəsən, mən şeyda bülbül, Bu dərd məni öldürərdi, yəqin bil, Sən dərdimə şəfa gəldin, sevdiyim! Mən Qasımam, sinəm haqqın kəlamı, Şükür haqqa, yar eşidib nalamı, Camalm şöləsi basmış alamı, Düşmüş qafdan, qafa gəldin, sevdiyim! * * * Sən nəsən Ləzgi Əhməd mənəm Füzuli nəsli, Bəhrlərdə mən ümmanam sən nəsən? Dərin kitabları məna eylərəm, Dərd bilənəm, söz qananam sən nəsən? Mən bilirəm, yoxdur sözüm əvəzi, Seçib, bəyənərlər sərraflar sözü. Dolanır, simruğun məndədir gözü, Yerim Qafdır, mən Sultanam, sən nəsən? İncil, Tövrat, Zənbur, sinəmdə Quran, Mərifətdə mənəm dəryayi ümman. Tikmədaşlı Qasım, İskəndər nişan, Şövkətdə mən Süleymanam, sən nəsən? * * * Sənəm, gəl Tərifli gözəllər gəlhagəl oldu, Yaşıllı, zərbaflı, allı Sənəm, gəl! Ovçunu görəndə maral baxışlı, Ay üzü birçəkli, xallı Sənəm, gəl! Aşıq odur bir söz desin özündən, Aləm bada gedər ala gözündən, Danışanda şəkər damar sözündən, Qaymaq dodaqları ballı Sənəm, gəl! Xəstə Qasım deyər: hənək hənəkli, Ağ üzündə qoşa xallar bənəkli, Ətlas nimtənəli, ipək köynəkli, Üstü-başı tirmə şallı Sənəm, gəl! * * * Şeyfullahını Qəzəb nak olanda, heydarı kərrar, Kafərə yetirdi seyfullahını. Cəbrayil şapərin salmasa yerə, Zülfüqar kəsərdi gavu mahını. O bəndi bağlayıb üstündə duran, Ayı mişak edib günə hayqıran. Şəhadət barmağıyla vurub sındırdı, Xeybərə yetirdi yadullahını. Əli Düldül mindi, Məhəmməd Buraq, Qulam astananda ya şahı çıraq. Abuzər Əlini eylədi qonaq, Qırx yerdə söylədi mehmangahını. Yığılıb bir yerə etdilər carı, Fatimə onları çox gördü karı. And içdi mən olum allaha sarı, Mövlam çölə qoymuyub qədəmgahını. Qəbul olsun Xəstə Qasmın duası, Ərənlər sərdarı Qəmbər ağası. Səs gəldi Fatmaya tutma bu bəhsi, Əli ərşdə vurur şeyfullahını. * * * Var Xiafət mülkünün şahənşahəni, Üç yüz altmış altı didabanı var. On iki sultanı, qırx səkkiz xanı, Dörd nəfər xoş xələt pasibanı var. Bir dəryadan baxır beş-on beş nəhəng, Həftdi, həşdi, hər birisi bir irəng. Beş kaman qurulmuş on yeddi xədəng, Hər birinin qeyri bir məqamı var. Bir qəsr görmüşəm Behişttək otaq, Altı min altı yüz altmış altı tağ. Otuz eyvanı var yüz on dörd çıraq, Hər birinin qeyri-bir nişanı var. Bir qəsr görmüşəm çin gözəlbəsər, Bir qəsrdə gördüm beş qönçeyi-tər. On iki yasəməndi, on dörd sənubər, Yüz iyirmi dörd min xiyabanı var. Könül həris deyil dünya malına, Yaşılına, tirməsinə, alına. Qara xan güvənsin öz mahalına, Xəstə Qasım kimi qəzəlxanı var. * * * Yaxşıdı Dəli könül, məndən sənə əmanət, Demə bu dünyada qalım yaxşıdı. Bir gün olar, qohum-qardaş yad olar, Demə ulusum var, elim yaxşıdı. Bir məclisə varsan, özünü öymə, Şeytana bac verib, kimsəyə söymə, Qüvvətli olsan da, yoxsulu döymə, Demə ki, zorluyam, qolum yaxşıdı. Qoçaqdan olubsan, qoçaq olgunan, Qadadan, baladan qaçaq olgunan, Aşıq ol, comərd ol, alçaq1 olgunan, Demə varım çoxdu, pulum yaxşıdı. Xəstə Qasım kimə qılsın dadını, Canı çıxsın, özü çəksin odunu, Yaxşı igid yaman etməz adını, Çünki yaman addan ölüm yaxşıdı. * * * Yaxşıdır Qüdrətən sən bir məclisə varanda, Yaxşı əyləş, yaxşı otur, yaxşı dur. Dindirəndə mərifətdən ver xəbər, Görən desin, bərəkallah yaxşıdır. İgidin mərfəti gərək dilində, Qocanın əsası gərək əlində, Biqeyrət oğulun ata yerində, Qaldığından qalmadığı yaxşıdır. Adam var ki, özgə bir işi bilməz, Qocalar da var ki, heç namaz qılmaz, Elə qohum var, bir məsrəfə gəlməz, Qeyri yadlar çox qohumdan yaxşıdır. Xəstə Qasım bir vaxt gəlir qonağın, Ona məsrəf olar düyilə yağın, O çox gülər, üzdən açıq qabağın, Bir şirin dil hamısından yaxşıdır. * * * Tər gülər Sənəm Tər getdim tər yarın tər xanəsinə, Tər mehman, tər eylər, tər gülər Sənəm, Tər xubdur, tər şuxdur, tər nazənindir, Tər deyər, tər söylər, tər gülər Sənəm. Tər zülfün tər burmuş tər buxağmda, Tər bəyaz, tər əhmər1, tər yanağmda, Tər şəkər, tər damar, tər dodağmda, Tər tutub, tər dişlər, tər gülər Sənəm. Tər qəmzən, tər xədəng, tər sinəsində, Tər atmış tər peykan tər sinəsində, Tər asmış, tər narm, tər sinəsində, Tər dəyməz, tər saxlar, tər gülər Sənəm. Tər çeşmi, tər cadu, tər fıtnəlidir, Tər lalə tər dərib tər tutmalıdır, Tər miyan, tər gərdən, tər sonalıdır, Tər durub, tər gəzər, tər gülər Sənəm. Tər bülbül tər qonar tər budağmda, Tər Məcnun tər gəzər, tər budağmda, Tər lalə tər bitər tər budağmda, Tər Qasım tər dərər, tər gülər, Sənəm! * * * == «El şairləri»ndən == Mürəbbə: Dəli könül, nə yanırsan oda sən Dəli könül, nə yanırsan oda sən, Billah bundan hərgiz sənə yar olmaz. Bivəfanın özü nədi, sözü nə, Bivəfada namus, qeyrət, ar olmaz. Nəzər ilə gör bu dünya nicədi, Kimi bazirgandı, kimi xocadı, Sərv ağacı hər ağacdan ucadı, Əsli yoxdu, budağında bar olmaz. Qoç igidlər özün həddən ötürməz, Mərd kimsələr haqq səyin itirməz, Qabaq tağı tər şəmamə götürməz, Boz sökütdə heyva olmaz, nar olmaz. Nəşədir aşiqin ancaq sərində, Gül bərgidi əndəlibin pərində, Nə yatırsan bivəfanın dərində, Başın al get, dünya sənə dar olmaz. Xəstə Qasım, nöldü yarın səfası, Səfasından artıq olur cəfası, Olsa əgər bülbülünə vəfası, Qızıl gülün çöhrəsində xar olmaz. * * * Kimi Nə baxırsan maral gözlüm, Mənə biganələr kimi, Dövrüm dolanım başına Şəmə pərvanələr kimi. Gəlmişəm qapına bu çağ, Sənin rəqiblər düşsün naçağ, Əlin ver əlimə, qaçaq Çölə biganələr kimi. Xəstə Qasım Tikmədaşlı, Əli qanlı, gözü yaşlı, Göldən çıxdı yaşıl başlı, Silkindi sunələr kimi. * * * Təcnis: Ərənlər sərvəri Şah Qulkəfi Ərənlər sərvəri Şah Qulkəfi, Şücaət yaraşır Həsən Mövlayə, Qədr günü namaz üstə sailə, Elədi xatəmin Həsən Mövlayə Münkirlər istəsə diyağı sənsən, Yüz on dörd surənin diyağı sənsən, Bilmərəm yerin göyün dayağı sənsən, Gəl məxluqata Həsən Mövlayə İbrahim din bəslər tabut içində, Muyi-ənbər zülflərin tabut içində, Ərəb sifətində tabut içində, Qalxdı, cavab verdi Həsən Mövlayə Xəstə Qasım yaxa yırtıb qələm dad, Xan deyiləm, qora yetim qələm dad, Tanrı üçün mən fəqirə qələm dad, Bax qullar içində Həsən Mövlayə * * * Qarı və Şah Sənəm — Qarı: Otağımdan durdum, gəldim yanına, Elçi bəylər gəldi, sənəm, nə dirsən? Yanar odları vurdum canına, Elçi bəylər gəldi, sənəm, nə dirsən? — Şah Sənəm: Otağından durdun, gəldin yanıma, Qarı, mən Luluni nə dindirirsən? Yanar odları vurdun canıma, Qarı, mən Luluni nə dindirirsən? — Qarı: Həyətiniz hasarlıdı, bağlıdı, Sinəm başı düyünlüdü, dağlıdı, Özgə deyil, doğma əmimin oğludu, Elçi bəylər gəldi, sənəm, nə dirsən? — Şah Sənəm: Atama diyin, mərdanə dursun, Gələn elçilərin boynunu vursun, Məni verir Aşıq Qəribə versin, Köpək, mən Luluni nə dindirirsən? — Qarı: Sən aşan yollar qarlı dağ olsun, Dörd tərəfin səbzə-çəmən bağ olsun, Sərvər oldu qızım, başın sağ olsun, Elçi bəylər gəldi, sənəm, nə dirsən? * * * == Müstəzad qoşma == Dördü bir-biriynən eylər ixtilat Bir çarşıda dörd dərvişə uğradım, Dördü bir-biriynən eylər ixtilat. Dördünün də dili ayrı, dini bir, İki də biz, onlarınan şəş cahat. Əsil kainat. Bir şəhərin gördüm padşahını, Qulun, yasovulun, hər dəstgahını. Üç yüz altmış altı xoş süpahını, Onlar bir kişidən istədi sursat, Xoş çəkər səffat. Altı, səkkiz, doqquz idi binası, Otuz cəlalı var, bəyaz sinəsi. Altı min altı yüz məddü mənası, Ərəb idi, əcəm idi, türkü tat. Bir ismə fəryad. Altıdan qırxatan sərgərdan idi, İki yüz otuzda özün tanıdı; Altı min altı yüz pasiban idi, Kimi yahu çəkər, kimi əssalat, Kim edər fəryad. İki dərya xoş görünmür gözünə, İki qırx, dörd gəlməz ərin dizinə; Xəstə Qasım, bu şeirinə, sözünə, Qazı, molla, müctəhidlər qaldı mat Tapmadı kəlmat. * * * == Gəraylılar == Başına dolandığım Yaxşı olar qohum, qardaş, El, başına dolandığım. Harda körsən, yara yalvar, Dil, başına dolandığım. Budu gəldi bahar vaxtı, Siməm oldu yarın taxtı, Soyuldu bulbülün rəxti Gül, başına dolandığım. Qaşların qurar divanı, Taxtdan salar Süleymanı, Xəstə Qasımın cananı, Al, başına dolandığım. * * * Çıxarır İsfahanda bir dəllək var, Baş qırxanda zol çıxarır. Ətindən az-az götürür, Dərisini bol çıxarır. Ayağını qoyur qoşa, Ülkücünü çəkir daşa, Zərbi elə gəlir başa, Tikmədaşa yol çıxarır. Bir fətəsi vardır bezdən, Durub gəlir səhər tezdən, Yarı haqqın alıb bizdən, Yenə acı dil çıxarır. Ülkücünü çapışdırır, Suyu tasdan qapışdırır. Kəsir, pambıq yapışdırır, Başımızdan kol çıxarır. Bu usta necə ustadı, Həmişə gözü tasdadı. Xəstə Qasım can üstədi, Elə bilir pul çıxarır. * * * Dünya Gəl bir səndən xəbər alım, Süleymandan qalan dünya. Əzəli gül kimi açıb, Axırında solan dünya. De görüm nəyə talibsən? Dərsini kimdən alıbsan? Neçə min yol boşalıbsan? Neçə min yol dolan dünya. Bu dünya fanidir, fani, Bu dünyada qalan hanı? Davud oğlu Süleymanı, Öz taxtından salan dünya. Xəstə Qasım qalıb naçar, Bu sirri bəs kimlər açar? Gələn qonar, qonan köçər, Hey salarsan talan dünya. * * * Düşdü Ay həzarat, ay camaat, Dağa qar düşdü, qar düşdü. Özüm qaldım qürbət eldə, Yada yar düşdü, yar düşdü. Gedin deyin anasına, Sığal versin sonasına. Yar, sinənin arasına, Bir cür nar düşdü, nar düşdü. Xəstə Qasımı qəm basdı, Yar bizi zülfündən asdı. Şeyda bülbül güldən küsdü, Gülə xar düşdü, xar düşdü. * * * Eylərsən Gözəl, səndə nə qaydadı, Gedəni yoldan eylərsən. Salarsan eşqin oduna, Ulusdan, eldən eylərsən. Mən ha billəm sən əttarsan, Qənd ilə noğul satarsan. Dəryalara tor atarsan, Sonanı göldən eylərsən. Gözəl, nə bildin halımı, Əyibsən qəddü-dalımı. Mən Qasıma bu zülümü, Kim eylərdi, sən eylərsən. * * * Eylərlər Bu zamanda ilqar handa, Aşnaları yad eylərlər. Yeyərlər nanü-naməki, Beş gündə bərbad eylərlər, Yaram sızlar, təbib naşı, Didəmdən axıdır yaşı. Yar yolunda verrəm başı, Bilsəm ki, imdad eylərlər. Mənim yarım fitnə qaşlı, Cigərim tüğyan ataşlı, Dostu qoyub gözü yaşlı, Düşməmləri şad eylərlər. Məcnui kimi divanəni, Şəm yandırır pərvanəni. Xəstə Qasım biçarəni, Öldürübən ad eylərlər. * * * Əlindədi Bu gün bir molla görmüşəm, Kəlam ullah əlindədi. Oxur əzbərdən quranı, Kəlmeyi yusəbbeh dilindədi. Bilirəm vacib sünkəti, Heç kimə qılmam minnəti. Səkkiz rizvan cənnəti, Şahlar şahının əlindədi. Bir xudanın zikrin eylə, Bir Allahın şükrün eylə. Qasım getmək fikrin eylə, Gəlmək Allah əlindədi. * * * Gəldi Əvvəl, əvvəl bu dünyaya, Adəm ata, həva gəldi. Hökm olundu ilahidən, Yerə abır, həya gəldi. Kimlər idi qıldı sayə? Kimlər əl götürdü xudayə? Məhəmməd Əl Mustafayə, Kəlmə- kəlmə ayə gəldi. On iki dəstədi gülümüz, Kəlmə gətirdi dilimiz. Şahı mərdandı pirimiz, Salman ona dayə gəldi. Xəstə Qasım tutar yası, Silinsin könlümün pası. Behiştin bir dəst libası, Fatimeyi Zəhraya gəldi. * * * Gördüm İki əbrun arasında, Altı “qaf”, yeddi “lam” gördüm. “Lam”ı “qaf”ın mərkəzində, Otuz cüzvü quran gördüm. Yüz min xandı, yüz min yavər, Müntəzirəm açılmaz dər. Əl əl üstə min peyğəmbər, Üç yüz altmış ənam gördüm. Sevdim caharıda məsumu, Haqq bağlasın xilasımı, Bu yazıq Xəstə Qasımı, Mən bir kəmtər qulam gördüm. * * * Kimdi Ay ağalar, ay qazılar, Göy çadırda duran kimdi? Haqqa mizan tərəzini, Yol isratı quran kimdi? Məna qılın qul kafəni, Hardadı dörd mələyin mənanı? Dəryanın üstə kotanı, Pələng qoşub sürən kimdi? Xəstə Qasım bir deyilsən, Sən insana sir deyilsən. Hər sirləri bilən deyilsən, Sirri səndən soran kimdi? * * * Kimi Nə baxırsan oğrun-oğrun, Mənə biganələr kimi. Durum dolanım başına, Şama pərvanələr kimi. Bağbanlar bəslər meyini, Dönsün seyrağıb löyünü, Yıxıbsan könlüm öyünü, Top dəymiş qalalar kimi. Gəl gedək Çünə, Maçına, Qurbanam zülfün ucuna, Al məni qoynun içinə, İstəkli balalar kimi. Dost qapısında dustağam, Tellərinə çox müştaqam, Yar əlindən düyün-dağam, Dağdakı lalalar kimi. Xəstə Qasım Tikmədaşlı, Könlü qəmli, gözü yaşlı, Göldən uçdu yaşılbaşlı, Silkindi sonalar kimi. * * * Yoxdu Ay qəsrdə duran gözəl, Niyə təksən, elin yoxdu? Niyə pozğundu tellərin, Əl şanada, telin yoxdu? Mən gəlirdim dağdan-daşdan, Sinəm yanır qəm-ataşdan, Ayrılmısan yaşılbaşdan, Tək sonasan, gölün yoxdu? Gəl dərdin Qasıma söylə, Bağrımın başını teylə, Qonağa xoş gəldin eylə, Yoxsa, lalsai, dilin yoxdu? * * * Var Əzəl başdan bu dünyanın, Xalq eyləyən ətası var. Eşq əhlinə tənə olmaz, Çünki haxdan butası var. Aqil gözlər yol-ərkanı, Adil gözlər gövhər kanı. Zatı pakı yaxşı tanı, Mərd oğlun mərd atası var. Xəstə Qasım Tikmədaşlı, Könlü tarmar, gözü yaşlı. Söz danışma iki başlı, Yanlış sözün xətası var. * * * == Təcnislər == Ahular məni Gecə-gündüz ağlaram mən dərində, Qocaltdı nalalar, ahular məni. Yarəbim, bu dərdü-nalam eşidib, Gəlibdi qapında, ahular məni. Həkkak istər həkk etməyə qaimdi, Həqiqətin qapısında qaimdi, Çox yaxşıdı öz dinində qaimdi, Cahil müsəlmanlar ahular məni. Xəstə Qasım, kim yaraşır əğyara, Bayqunu gör, məskən salmış ağ yara, Bilmənəm ki, neyləmişdim əğyara, Yatar, durar, hər dəm ahular məni. * * * Bilər Oyandı sünbüllər, səcər gətdi bar, Orda min bəşər var, yeddi sin bilər. Bu yazan ustanın nə xoş xətti var, Yazıbdı mim üstə, yeddi sin bilər. Sevdicəyim övliyalar vəlidi, Sərrafın dəstində dürdü, ləl idi. Mənim fikrim-zikrim gözəl Əlidi, Ər odur ki, mehdin yeddi sin bilər. Mən Xəstə Qasımam yeddi sin billəm, Bir aya oxuram, yeddi sin billəm. Bir qafı oxuyaram, yeddi sin billəm, Söz odur yeddinin yeddi sin bilər. * * * Bir incə Ey sevdiyim, naməhrəmə görünmə, Çək niqabın, gir laçına bir incə. Gecə-gündüz həsrətini çəkməkdən, Dərdim oldu o dağların birincə. Abı döndü, yaşıl qofta, qara bağ, Seyr eyləsən çox dağlarda qara bax. Üç cülyədə məskən salıb Qarabağ, Biri Xaçın, biri Tərtər, bir İncə. Xəstə Qasım qulluq eylər damağa, Qulluq eylə, ta yetəsən damağa. Ləbin şəhdi ləzzət verər damağa, Necə röğən16 ləzzət verər birincə. * * * Çaphaçap Bir gün iki sultan bir taxta çıxmış, Ox atarlar bir-birinə çaphaçap. Nazlı dilbər mənə sitəm eylədi, Könlümün şəhrinə saldı çaphaçap. Ağlaram, didəmdən yaş, irin gələr, Əmərəm, ləbindən ya şirin gələr, Deyərlər qəsrindən ya Şirin gələr, Fərhad kimi vur, dağları çaphaçap. Xəstə Qasım deyər: yar, dada1 gəlsin, Eşqin atəşindən yar dada gəlsin. Bir namə göndərim yar dada gəlsin, Qurban ollam sənə qasid, çaphaçap. * * * Həmayıl oldu Yatmışdım üstümə gəldi bir pəri, Yenə yar sevdası həmayıl oldu. Dərdi-qəmin cana əsər elədi, Qolların boynuma həmayil oldu. Təbib görsün yaralarım, sinəm aç. Öz əlinlə bu düyünüm, Sənəm, aç. Demiş idin, hər gün verrəm sənə maç, Günüm aya döndü, həm ay il oldu. Vardım dost kuyinə, səg sana durdu, Dərdim tək bir ikən, səksənə durdu. Dost bizi görəntək səksənə durdu, Gözəllər qəflətən həm ayıl oldu. Seyrana duruban ağladı gəldi, Gülməyə gəlməzdi, ağlada gəldi. Xeyrin, şərin bilib ağla da gəldi, Yarım cahil ikən, həm ayıl oldu. Qara bağrım o gözəllər içində, Əyilən sən, o gözəllər içində. Xəstə Qasım o gözəllər içində, Könlüm bir gözələ ha mayıl oldu. * * * Sənəm al Lal olur bülbüllər sovulanda gül, Lalə libas geyinmisən, Sənəm, al! Ləblərindir mənə abı-səlsəbil, “La” demərəm, bir canım var, Sənəm al! Lazım olur yoxsul üçün bircə mal, Leyli isən göstər, Məcnuna camal. Laf eyləmə, var, Saqidən bir cam al, Leysan seçmiş məni eylər sənə mal. Qasım, sən dur məclisində sini sal, Oxu dərsi, lami, mimdən sini sal. Bir o günü var, yadına sini sal, Laşərikdən yoldaş olmaz, Sənəm, al! * * * Yayınur Bir gözəlin camalına mayılam, Nə müddətdir gözəl məndən yayınur, Mən qurbanam ağ üzündə o xala, Zənəxdanın şöləgahı yayı nur. Xəstə könlüm yar bəsləmiş, həmdərdi, Dərdbilməzə demək olmaz həm dərdi, Bir igidin yaxşı olsa həmdərdi, Qışı nurdur, yazı nurdur, yayı nur. Xəstə Qasım bu ləzgini yaratar, Çətin gündə çətin səni yar atar, Üz çevirsə, müjgan oxun yar atar, Əli nurdur, oxu nurdur, yayı nur. * * * Yayılan məni Payız dərdim, qış möhnətim, yaz qənim, Hicran tapdaq etdi yayılan məni. Götür qələm, sərxəttimi yaz mənim, Qoyma dərgahından yayılan məni. Hüsn içində yar almısan, yar alım, Soruşmadın, halın nədir yar alım. Gəncin üstən götürmərəm yar əlim, Ya əqrəb dişləyə, ya ilan məni. Məhrum olmaz, şəcər qucub nar əmən, Sənsiz getməm, behiştə mən, narə mən. Təcüb qaldım, qoynundakı narə mən, Niyə atar sərxoş, yay ilan məni? Xəstə Qasım gördü, əmanə gəldi, Qəvvaslar dürr üçün əmanə gəldi. Sinəm ox zərbindən əmanə gəldi, Dəxi nə tapdarsan yayılan məni. * * * Tər gülər, Sənəm Tər getdim tər yarın tər xanəsinə, Tər mehman, tər eylər, tər gülər Sənəm. Tər xubdur, tər şuxdur, tər nazənindir, Tər deyər, tər söylər, tər gülər Sənəm. Tər zülfün, tər bulmuş tər buxağında, Tər bəyaz tər əhmər, tər yanağında. Tər şəkkər. tər damar, tər dodağında, Tər tutub, tər dişlər, tər gülər Sənəm. Tər qəmzən, tər xədəng, tər sinəsində, Tər atmış, tər peykan, tər sinəsində. Tər asmış, tər narın, tər sinəsində, Tər dəyməz, tər saxlar tər gülər Sənəm. Tər bülbül tər qonar tər budağında, Tər Məcnun tər gəzər, tər budağında, Tər lalə tər bitər tər budağında, Tər Qasım, tər dərər, tər gülər, Sənəm! * * * == Cığalı təcnislər == Ay hayıf-hayıf Səhər tezdən əzmi-gülşən eylədim, Qəm məni çulğadı, ay hayıf-hayıf. Aşıq deyər: ay hayıf! Kimlər oldu, ay hayıf! Səniynən mən sevişdim, Ayrı düşdüm ay, hayıf. Bağban oldum, bağ bəslədim, çifayda, Dərmədim gülünü, ay hayıf-hayıf! Sərrafın dəstində nə danə gördüm, Mürcü dəhanında nə danə gördüm. Aşıq, nə danə gördüm, Xalın nə danə gördüm, Tülək tərlan tuş oldu Axır nadənə, gördüm. Gövhəri verdilər nadanə gördüm, Bilmədi qiymətin, ay hayıf-hayıf. Oxudum dərsimi, çıxdım yasinə, İyid olan ixlas bağlar yasinə! Aşıq deyər yasına, Namərd boynu ya sına Nanəcibə söz demə, Ya inciyə, ya sına! Qasım ölər ellər gələr yasına, Eşidənlər deyər, ay hayıf-hayıf. * * * Görüncə Gözəllər gözəli, şahi-gülbədən, Didəm ağlar mən camalın görüncə. Aşıq deyər: görüncə, Siyah telin görüncə, Get bir mərdə qul ol sən, Namərd üzün görüncə. Mina gərdən, büllur buxaq, diş inci, Çəkilibdi hilal qaşlar gör incə. Kim yetikdi həqiqətin evinə, Həqiqətin, mərifətin evi nə? Aşıq deyər: evinə, Xanəsinə, evinə, Yağıb qəmlər yağışı, Viran könlüm evinə. Dolanmayın heç namərdin evinə, Gözü çıxar bir qonağı görüncə. Kim cahanda aşıq oldu avara, Dolandı dünyanı qaldı avara, Aşıq deyər: avara, Məcnun gəzər avara, Uyma namərd felinə, Səni qoyar avara. Xəstə Qasım, nə gəzirsən avara, Ölüm yeydi bu günləri görüncə. * * * Üzhaüz Həqiqət bəhrində qəvvasam deyən, Qəvvas isən, gir dəryaya üzhaüz. Aşıq deyər: üzhaüz, Sonam göldə üzhaüz, Qarı düşmən dost olmaz. Yalvararsan üzhaüz. Bir mərd ilə ilqarını vur başa, Namərd ilə kəs ülfəti üzhaüz. Parçalandı gəmim, qaldı dərində, Qərq oldu ümmana, qaldı dərində. Aşıq deyər: dərində, Dayazında, dərində, Sidqi, qəlbi düz olan, Hərgiz qalmaz dərində. Qismət olsa o mövlanım dərində, Üz döşəyək, səcdə qılaq üzhaüz. Xəstə Qasım cananına can deyə. Can danışa, can eşidə, can deyə. Aşıq deyər: can deyə. Vəfalıya can deyə, Görmədim hərcayılar, Cananına can deyə. Yox vəfalım, can deyənə can deyə, Bivəfasan, çək əlini üzhaüz. * * * == Divanilər == Bax İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax! Üz çevir haqqın yoluna, haqq ilə divanə bax. Bu dünya dediyin boş müsafirxanədir, Hər gələn köçər, hər gedən mehmanə bax. Gözləyin halal-haramı, şeytandan uzaq olaq, Yandırın xilas fənarın, behiştin bağın bulaq. Satın bu dünya malını axirətdən mülk alaq, Süleymana qalmayan dünya qalmaz heç insana, bax. Göydən bir balıq endi, itirmədi sayını, Hər gədələr sultan oldu, tapdı öz tayını. Qarışqalar aslan oldu, sökdü himin layını, Xəstə Qasım qıl tamaşa, boş qalan meydana bax. * * * Mən Səyyad oldum, səhra gəzdim, Tor qurdum tərlana mən. Keçdi qışım, gəldi yazım, Dönmüşəm gülşana mən. Lovğalanıb öz-özünə, Öymə kəndini qarşımda, Əgər düşsən qərq olarsan, Bənzərəm ümmana mən... Sözlərinə cavab verrəm, Mat qalarsan bu işə, Şahmar kimi elə vurram, Yanıb bədənin şişə, Çətindir ki, sar havada, Tərlan üstdə yürüşə, Əzəlindən qul olmuşam, Ol şahi mərdanə mən. Xəstə Qasım Tikmədaşlı, Bir tükənməz bazaram. Nə müddətdir Məcnun kimi, Səhraları gəzərəm. Ustadlardan dərs almışam, Nə istəsən yazaram. Müşkülləri həll etməkdə, Tay gəlləm Loğmana mən. * * * Mənim Adəmdən xatəmə, natiqi Quran mənim, Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim, Bağ mənim, bağban mənim, kövsəri-rizvan mənim, Gül mənim, bülbül mənim, sünbülü-reyhan mənim, Yerdə insan, göydə qılman, ərşdə aslan mənim. Yeddi eyvan, səkkiz seyvan, qırx sütunun bir ləngəri, Yeddi molla, yeddi dərviş, yeddi pust, yeddi dəri, Yeddi min qırxdan irəli, səkkiz yüz dörddən bəri, Bu mənanı isbat edənin sərinə əsər gəli, Pir mənim, ustad mənim, yol mənim, ərkan mənim. Abı-ataş, xaki-baddan yaratdı sübhan bizi, Altmış altının yanında isbat qıldı üç yüzü, Dörd mini arxa bağladı, dəryada qırx dörd dənizi, Altmış üçün mən biriyəm, yetmişin qırx səkkizi, Beş içində altı Məkkə, səkkiz yüz fərman mənim. Xəstə Qasım Tikmədaşlı sahibi cümlə xata, Ümidim var, Taci-mehracda bilirəm ki, eylər əta, Açılar dəftər, görünər məhşər, bir şahsuvar illa fata, Bir əzmi qaf günahım olsa əfv olunar rəhman mənim. * * * Üç Bir əcayib nəstə gördüm, kökü bir, budağı üç, Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç. Cəm idi on iki, on üç, altı otuz sərasər, Yeddi təbib açar, yumar bağçası bir, bağı üç. Bu bağın meyvəsinin hər birinin bir dadı var, Nə suyu, nə hasarı, nə göz görür, adı var. Hökm edər soltana, xana, fəryadı var, dadı var, Məhsi vardı, cismi yoxdu, bülbülü bir, zağı üç. Ağlı sərdə, fikri dərdə, dəm-dəmi divanadı, Biya-biya, güca-güca, məhsədə xoş mənadı, Xəstə Qasım hey deyibən cu gedər bilməyənə fənadı, Bağban oldum, ku becərdim, şamama bir, tağı üç. * * * Var İnsan oğlu yalan demə, yalan da var, Üzümə aydın görünmə, çiskinli duman da var. Özünü dərya sayma, eylərəm ada səni, Dəryaları zəbt eyləyən, dəryayi ümman da var. Hər kəs mətləb istəsə, mətləb verən müəllimdir, Oxuyub elmə çatanın, həmişə könlü zəlildir. Əlinə çərəkə alan, adını qoyur alimdir, Çərəkə açar olmaz, oxuyub qanan da var. Kim haça çaldı, dərya neçə bölündü, Kim süpürgə çəkdi, göyün üzü silindi. Adəmdən, xatəmə keçən neçə min ildi, Zülmnən bərbad eyləyib, Xeybəri alan da var. Xəstə Qasım çağırır, qul eyləyən bərbəri, Özü bir, adı min bir, lam şəriki qoş şiri. Yüz uruzbanda, qılınc çaldı, iki böldü Əntəri, Bu hünərnən, bu qeyrətnən, Qəşəm Şəm ağam da var. * * * Yavaş-yavaş Dəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş, Cismim hicranın bölürəm yavaş-yavaş. Hər nə var səndən keçər, elə bil candan keçər, Sən etdiyin xəyalları, bilirəm yavaş-yavaş. İnsan oğlu sən də gələcəyindən baş-ayaq, Necə oldu dəryadan qalmadı baci-xərac. Yüz il əmək çəksən bütün hamısı daş-qalaq, Axrın beş arşın ağdı, bükərlər yavaş-yavaş. Əzrayıl başda oturub, əcəl ayaqdan gələr, O xudam əmr eləsə, fərman bayaqdan gələr. Hər nə var haqdan gələr, görmə kimsədən gələr, Yetmiş iki damarını çəkərlər yavaş-yavaş. Qərib oğlu Aşıq Qasım, necə gəldin azara? Min bir loğman təbib gəlsə, dərman olmaz yarama. Ciyərimdən olmuşam hamısı gedir məzara, Uçubdur könlüm evi, gedirəm yavaş-yavaş. * * * == Bağlamalar == Var Bir səhrada on yeddi qəzəynən Onların bir sak üzrə xub qərarı var. Birisində doxsan iki əl gördüm, Cəsət bir, gərdən üç, altı səri var. Səksən min molladı, səksən min seyid, Səksən min xiyaban, səksən min meyid, Cəmində yazılıb, səksən min şəhid, Səksən min şəhidin beş məzarı var. Beş məzardan qalxır yeddi əlamət, Onlar bir-birinə vermir heç möhnət, Hər kimsə istəsə kəndində dövlət, Bircə zərrə onun simi-zəri var. Xəstə Qasım sözün yetdi tamamə, Gün doğan, gün batan gələr salamə. Nə alim işidi, nə də üləma, Təcnis mənasının çox hünəri var. * * * == Deyişmələr == Ləzgi Əhmədlə Xəstə Qasımın birinci deyişməsi Ləzgi Əhməd: Səndən xəbər alım, ay Dədə Qasım, O nədir ki, dürlü-dürlü halı var? Nədən xəlq olundu ərşin arğacı? O nədir ki, toxunmamış xalı var? Xəstə Qasım: Sənə cavab verim, ay Ləzgi Əhməd, Bahardır ki, dürlü-dürlü halı var. Nurdan xəlq olundu ərşin arğacı, O buluddur, toxunmamış xalı var. Ləzgi Əhməd: O nədir ki, dayanıbdır dayaqsız? O nədir ki, boyanıbdır boyaqsız? O nədir ki, doğar əlsiz-ayaqsız? Üç ay keçər, ayağı var, əli var? Xəstə Qasım: Göy bir çadır, dayanıbdır dayaqsız, Ayla gündür, boyanıbdır boyaqsız, Qurbağadır doğar, əlsiz-ayaqsız, Üç ay keçər, ayağı var, əli var. Ləzgi Əhməd: Ləzgi Əhməd deyər, gələr dalalar, Nə qumaşdır, satan olmaz alalar? O nədir ki, dimdiyindən balalar? O nədir ki, qanadında xalı var? Xəstə Qasım: Xəstə Qasım deyər, yaşdır dalalar, O ağıldır, satan olmaz alalar. O buğdadır, dimdiyindən balalar, Kəpənəkdir qanadında xalı var. * * * Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi Ləzgi Əhməd: Səndən xəbər alım, ay Dədə Qasım, O nədir ki, bu dünyanı gəzər hey? Nə kağızdır, mürəkkəbsiz yazılar? Nə qələmdir, bu dəftəri yazar hey? Xəstə Qasım: Al, cavabın deyim, ay Ləzgi Əhməd, Aydır, gündür, bu dünyanı gəzər hey! Könül kağız, mürəkkəbsiz yazılar, Dil qələmdir, bu dəftəri yazar hey! Ləzgi Əhməd: O nədir ki, heç gəlmədi imana? O kimdir ki, heç düşmədi gümana? O kimdir ki, qəsd elədi insana? O kimdir ki, oldu candan bezar hey? Xəstə Qasım: O şeytandır, heç gəlmədi imana, O münkirdir, heç düşmədi gümana, Əzrayildir, qəsd elədi insana, Əyyubdur ki, oldu candan bezar hey! Ləzgi Əhməd: O nədir ki, silinməzdir qarası? O nədir ki, heç tapılmaz çarası? Nə qədərdi yerlə göyün arası? Ləzgi Əhməd bu dəftəri yazar, hey! Xəstə Qasım: O ürəkdir, silinməzdir qarası, O ömürdür, heç tapılmaz çarası, Yüz doxsan min ildir, yerlə göyün arası, Xəstə Qasım, o dəftəri pozar hey! * * * Ləzgi Əhmədlə Xəstə Qasımın üçüncü deyişməsi Ləzgi Əhməd: Səndən xəbər alım, ay Dədə Qasım, Kim xəta eylədi, qaldı üstə suç? Kim kimə buyurub, kimdən gətirdi? Neçə yaşındaydı qurban gələn qoç? Xəstə Qasım: Sənə cavab verim, ay Ləzgi Əhməd, Qabil xəta etdi, qaldı üstə suç. Cəbrayıldı İsmayıla gətirdi, Yetmiş yaşındaydı qurban gələn qoç. Ləzgi Əhməd: Nə quşdu, ildə bir yumurta salar? Onun yumurtası qar üstə qalar? Hansı ölən zaman, hansı sağalar? Ona kimlər deyər, dur, buradan uç? Xəstə Qasım: Simurq quş ildə bir yumurta salar, Onun yumurtası qar üstə qalar. Ana ölən zaman bala sağalar, Cəbrayıl der: ona, dur, buradan uç. Ləzgi Əhməd: Ləzgi Əhməd, heç vəsfindən doymazlar, O nədir ki, götürərlər qoymazlar? Kimlərdir ki, məzarı yox, yumazlar? Bu nə qonhaqondur, bu nə köçhaköç? Xəstə Qasım: Xəstə Qasım, heç vəsfindən doymazlar, O ölüdür, götürərlər, qoymazlar. Atəşpərəstlərin məzarı yox, yumazlar, Dünya qonhaqondur, ölüm köçhaköç. * * * Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsi Xəstə Qasım: O kimdir ki, otuzunda cavandı? On beşində qocalanı uludu? O nədir ki, dili ayrı, sözü bir? O hansı dəryadı içi doludu? Ləzgi Əhməd: O aydı ki, otuzunda cavandı, On beşində qocalanı uludu. O qələmdi, dili ayrı, sözü bir, Elm dəryası hər dəryadan doludu. Xəstə Qasım: O nədir ki, qışda dağlar bürünür? O nədir ki, əl dəyməmiş hörülür? O nədir ki, insana fərz verilir? O nədir ki, o da onun gülüdü? Ləzgi Əhməd: O qardır ki, qışda dağlar bürünür, O könüldür, məhəbbətlə hörülür, Ölümdü ki, insana fərz verilir, O ilqardı, iman onun gülüdü. Xəstə Qasım: O nədir ki, haqq yanında nahaqdı? O nədir ki, yerə, göyə dayaqdı? O kimdir ki, yatmayıbdı oyaqdı? Xəstə Qasım hər elmdən halıdı? Ləzgi Əhməd: Böhtan sözdü, haqq yolunda nahaqdı, Haqq nəzəri yerə, göyə dayaqdı. Haqq özüdü yatmayıbdı, oyaqdı, Bu sirlərdən Ləzgi Əhməd halıdı. Xəstə Qasım: Mən qurbanam qaşı, gözü qaraya, Təbibimsən, dərman eylə yaraya, Bir səhrada meyid düşsə araya, Mollası olmasa, nə demək gərək? Ləzgi Əhməd: Bismillahı mən yanımca götürrəm, Yüz zikirnən özüm ona yetirrəm, Mollası yox, təəmimnən götürrəm, Tapşırıb haqqına qayıtmaq gərək. Xəstə Qasım: Bəlkə səğiri var, nə demək olar? Onun əməyini nə yemək olar? Məhşər günü ona nə kömək olar? Kim onun havadarı, bilmək gərək? Ləzgi Əhməd: Səğiri olana tutarlar qəyyum, Çörəyini halal eylər o alim, Məhşərin günündə onlara lazım, Axır kömək verən şahmərdan gərək. Xəstə Qasım: Xəstə Qasım deyər, kimdi qaytardı, Onda kim saxladı din Məhəmmədi? Kim söylədi müsəlmanlıq şərtini? Müsəlman olanda nə demək gərək. Ləzgi Əhməd: Ləzgi Əhmədəm mən, haqdan keçmərəm, Dediyin sözləri başa düşmərəm, Gər bilsəm də o sirləri açmaram, Müsəlman olanda nə demək gərək. * * * Kitabxana.az · https://kitabxana.az/authors/xeste-qasim İctimai mülkiyyət (müəllifin vəfat ili: 1760). Public domain (author died 1760). Original text only.