Şah İsmayıl Xətai. Əsərləri Şah İsmayıl Xətai (1487–1524) == Qoşmalar == Bu gün ələ almaz oldum mən sazım Bu gün ələ almaz oldum mən sazım, Ərşə dirək-dirək çıxar avazım, Dörd şey vardır bir qarındaşa lazım, Bir elim, bir kəlam, bir nəfəs, bir saz. Gözəl elim çıxsa, çıxsa, salınsa, Bədir aylar kimi doğsa, dolunsa, Dörd şey vardır bir qarındaşa lazım, Bir xeyir, bir şər, bir ibadət, bir niyaz. Yaz olunca çayır-çəmən üstünə, Ərməğan sunarlar dostu-dostuna, Dörd şey vardır ovçu almış dəstinə, Bir şahin, bir doğan, bir əspir, bir baz. Cahil olan söylər, sözünü bilməz, Meydana gəlincə özünü bilməz, Dörd şey vardır cənnət yüzünü görməz, Bir münkir, münafiq, bir Yezid, qanmaz. Şah Xətaim aydır: — Sən qulun nedər? Gözəl dünyasını tərk edər gedər, Dörd şey vardır ildən-ilə dövr eder. Bir aydır, bir gündür, bir qışdır, bir yaz. * * * Bulunca Gəl öyüd verəyim, öyüd alırsan, Xidmət eylə genə gülü bulunca. Karvan gedər, sağın, geri qalırsan, Haman əldən qoyma yolu bulunca. Öldürsə də, çıxmaz yoldan yol əri, Gerçəklərin əlindədir yuləri, Göründü, seyr eylə axan suları, Qarışır ümmana seli bulunca. Arı oldun, hər çiçəkdən alırsan, Balın damızlığın qanda bulursan, Yetmiş min ayətə dəlil olursan, Anlayıb da bu dəlili bulunca. Dinləyib də bu mə’nayi yazmalı, Hər kişi halınca quyu qazmalı, Yeddi padşahlıq yeri gəzməli, Halına münasib yeri bulunca. Sil-süpür qəlbini, süddən bəyaz et, Öldür nəfisini, şeytandan arıt, Doxsan doqquz yerə çıxdı Bayəzid, Halına münasib yeri bulunca. Şah Xətayim aydur: – Baxma bu halə, Könlümüzdə vardır bir ulu qala, Əlif gələ, ayin gələ, mim gələ, Dərdli qullar dərmanını bulunca. * * * Degil Bu yolun yolçusu olayım dersən, Əldə iki qarpız tutmalı degil. Dərviş olub şalvar geyəyim dersən, Gahi geyib, gahi atmalı degil. Namərd bağçasında qönçə gül olmaz, Kamil ilə yoldaş olan yorulmaz, İki məxluq vardır, haqqa qul olmaz, Məğrurluq, kibirlik etməli degil. Məğrurlar orada olurlar yalan, Kibr imiş yorulub yollarda qalan, Əgər yolçu isən, körpünü dolan, Göz görə çamura batmalı degil. Qoyun quzusuna nasıl mələdi? Öküzün qulağın kimlər ənədi? Qərib bülbül gül dalında tünədi, Hər çalı başında ötməli degil. Şah Xətayim imam Cəfər müxbiri, Haqqın yaranıdır Veysül-Qərəni, Haqqın xəznəsindən gələn gövhəri Müştəri olmadan satmalı degil. * * * Ərənlər Ərənlərin ərkanına, yoluna, Ta əzəldən talib oldum, ərənlər. Can ilə könüldən durdum, düşündüm, Bu gün mürşüdümü buldum, ərənlər. Can ilə könüldən gəzdim, aradım, Həqqin didarını görmək muradım, Didar ilə məhəbbətdir tələbim, Ya bu gün, ya yarın öldüm, ərənlər. Keçmişəm sərimdən, qorxmam ölümdən, Münkir bilməz övliyanın halindən, Yəzid oğlu bir xarici əlindən Çox dəmdir didardan qaldım, ərənlər. Sən haqqı yabanda arama, sağın, Uyduysan qəlbinə, həq sana yaxın, Adəmə xor baxma, kəndini saqın, Cümləsin adəmdə buldum, ərənlər. Şah Xətayiyəm, ərz edəyim halimi, Xərc edəyim əldə olan varimi, Sürə-sürə şaha gedəm yüzimi, Mürvət qəbul eylə, gəldim, ərənlər. * * * Gəl, a könül, xoş görəlim bu dəmi Gəl, a könül, xoş görəlim bu dəmi, Bu da böylə qalmaya bir gün ola. Kişi çəkmək gərək qüssəyi, qəmi, Haqdan gəlir, hər nə gəlsə bir qula. Ər odur e’tiqad edə pirinə, Nəzər edə əvvəlü axirinə. Əlbət, yol qədimdir iltər yerinə, Sana kim neylərsə, sala gör yola. Biz də bilirik ki, dostu, qardaşı, Bulamadım bir qara gün yoldaşı. Dost keçinib yüzə gülən qəllaşı, Bahasıdır, satmaq gərək bir pula. Hər kişi bir xəyal ilə əglənir, Daim onun könlündə ol əglənir. Böylə olur sevdigim gah ağlanır, Kimi gördük qiyamətə dək gülə. Qarunu gör bunadı, ya bulduqca, İnandı fələk yüzünə güldükcə. Sən eylik et, durma əldən gəldikcə, Dedilər: – Xalq bilməzsə, xaliq bilə. Gerçək olan kişi dostdan ayrılmaz, Dəgmə kişidə həqiqət bulunmaz, Sən səni satsan, yedirsən, bilinməz, Bu zamanda kimsə yaramaz elə. Xətayi, dünyanın ötəsi fani, Bizdən əvvəl bunda gələnlər qani? Sanma daim şad yürüyə düşməni, Bir gün olur növbət ona da gələ. * * * Gərəkməz Gəlib ixlas ilə yola gedənin Zərrəcə könlündə güman gərəkməz. Sil-süpür qəlbini, evin pak eylə, Mö’minin aynası duman gərəkməz. Birnin iki yerdə gər əli olsa, Faydası olmaz ol gər Əli olsa. Müsahibdən gizli dal yeri olsa, Ondan sənə hələn iman gərəkməz. Müsahib, mürəbbi yolda bir kişi, Dili söylər, amma degildir işi, Çünki baş etməzsən tutduğun işi, Ər yükü gövhərdir, saman gərəkməz. Can Xətayim aydır: – Düşürdün dərdə, Zavallı sufidən qalxmayır pərdə, Gördün ki, bir loğma gəldi bir yerdə, O loğma cig isə, yemən gərəkməz. * * * Qaçma məndən, qaçma avçı deyiləm İçmişəm bir dolu, olmuşam ayıq, Düşmüşəm dağlara, olmuşam geyik, Sənə derəm, sənə, sürməli keyik, Qaçma məndən, qaçma, avçı deyiləm. Avçı deyiləm ki, düşəm izinə, Qaça-qaça qanlar endi dizinə. Sürmələr hey çəkdin qonur gözünə, Qaçma məndən, qaçma, avçı deyiləm. Sənə derəm, sənə, geyik ərənlər, Bizə sevda, sənə dalğa verənlər, Dilərəm mövladan yenməz vuranlar, Qaçma məndən, qaçma, avçı deyiləm. Aydır Şah Xətayim: – Uçan-qaçandan, Zərrəcə qorxmarıq bu dadlı candan, Gedib də’vaçı olma atana məndən, Qaçma məndən, qaçma, avçı deyiləm. * * * Olmayınca Könül, nə gəzirsən seyran yerində, Aləmdə hər şeyin var olmayınca?! Olura-olmaza dost deyib gəzmə, Bir əhdinə bütün yar olmayınca. Yürü, sufi, yürü, yolundan azma, Elin qeybətinə quyular qazma, Yorulma bihudə, boşuna gəzmə, Yanında mürşidin var olmayınca. Qalxdı, havalandı könülün quşu, Qovğa, qeybət etmək kötünün işi, Ustadın tanımaz bunda hər kişi, Onun kim mürşüdü ər olmayınca. Varub bir kötüyə sən olma nökər, Çərxinə dəgər də, dolunu dögər, Nə Xudadan qorxar, nə hicab çəkər, Bir kötüdə namus, ar olmayınca. Şah Xətayim edim bu sirri bəyan, Kamilmidir cahil sözünə uyan? Bir başdan ağlamaq ömrədir ziyan, iki başdan mühibb, yar olmayınca. * * * Varmıdır Mən dərvişəm deyə köksün gərərsən, Həqqi zikr etməyə dilin varmıdır? Kəndini görsənə, eldə ararsan, Halın hal etməyə halın varmıdır? Bir gün balıq kimi ağa sararlar, Mürşiddən, rəhbərdən xəbər sorarlar, Tüstü yaxıb guşə-guşə ararlar, Mən arıyam dersən, balın varmıdır? Dərdli olmayanlar dərdə yanarmı? Sadiq dərviş iqrarından dönərmi? Hər bir uçan gül dalına qonarmı? Mən bülbüləm dersən, gülün varmıdır? Şah Xətayi, sənin dərdin deşilməz, Dərdi olmayanlar dərdə tuş olmaz, Mürşidsiz, rəhbərsiz yollar açılmaz, Mürşid ətəgində əlin varmıdır? * * * Vücudim şəhrin seyr edib gəzərim Vücudim şəhrin seyr edib gəzərim, Didar ilə məhəbbətə eşq olsun. Həmən bir nəsnədə qaldı nəzərim, Didar ilə məhəbbətə eşq olsun. Eşqin cuş eylədi, keçdi sərimdən, Artıb gəlir məhəbbətin nurindən, Niyazımız budur cani-kərimdən: Didar ilə məhəbbətə eşq olsun. Qüdrət qəndilindən atdı danəyi, Endi lövhi üzrə tutdu binayi, Cünbüşə gətirən çərxi-fənayi Didar ilə məhəbbətə eşq olsun. Fil yükün yüklətmə, qarınca çəkməz, Dürlü reyhan çoxdur, gül kimi qoxmaz, Dünya malın versən, bizə gərəkməz, Didar ilə məhəbbətə eşq olsun. Yucalarda olur ol hüma quşu, Dostum, məhəbbətdir aşiqə işi, Pirim Xətayidir cümlənin başi, Didar ilə məhəbbətə eşq olsun. * * * Gedər Qarşıdakı qarlıca dağı gördünmi? Yoldurmuş əyyamın, əriyib gedər. Axan sulardan sən ibrət aldınmı? Yüzünü yerlərə sürüyüb gedər. Qadirsən, ey ulu şahım, qadirsən, Hər nerəyə baxsan, onda hazirsən. Üstümüzdə dörd guşəli çadirsən, Cümləmizi birdən bürüyüb gedər. Sıra-sıra gələn ol ulu quşlar, Sirli olur, yaxmaz onu günəşlər, Əvvəl-əzəl meyvə verən ağaclar, Onlar da qalmayıb çürüyüb gedər. Dərindir bizim dəryamız, boylanmaz, Min bir kəlam desəm, biri anlanmaz. Kişi iqrarsız yollara yollanmaz, Yolları qoynunda yürüyüb gedər. Şəh Xətayim söylər sözü özündən, Dərvişlərin sağınıbdır gözündən, Olur-olmaz münkirlərin sözündən, Əsriyib könlümüz, farıyıb gedər. * * * Keçər Batinimdə dedi mənə bir əziz: – Məhəbbətdən keçən haqdan da keçər. Vermən nəsibini, kəsin qidasın, Məhəbbətdən keçən haqdan da keçər. Məhəbbət adəmi haqqa yardır, Məhəbbət etməyən can murdardır, Dünyavü axirət yüzü qaradır, Məhəbbətdən keçən haqdan da keçər. Gerçək olan bir nəfəsə inana, Canımız veririz qurban canana, Lə’nət olsun iqrarından dönənə, Məhəbbətdən keçən haqdan da keçər. Dörd qapu, qırx məkan, yetmiş iki qat, Məhəbbət dedigin təcəlliyi-zat, Mö’minə, müslümə, xeyir, nəsihət, Məhəbbətdən keçən haqdan da keçər. Məhəbbət dedigin xaslar xasıdır, Məhəbbət olmayan haqqın nəsidir? Dost Xətayinin bu, haqq nəfəsidir: Məhəbbətdən keçən haqdan da keçər. * * * Mürşidlikdən sizə budur, ərənlər Mürşidlikdən sizə budur, ərənlər, Hər nə istər, mənzil nərə buluna. Günəş kimi tülu edə bürcündən, Ay ilə gün doğub onda doluna. Mürşid oldur talibini bişirə, Əlin alıb azmaqlıqdan devşirə, Gündə min gəz təbər vursa başinə, “La” deməyə ver nəsibin alana. “La” der isə nəsibini verməgil, Nəfsi yamandır, yanında durmagil, Ölür isə namazını qılmagil, Səd hezaran lə’nət onun canına. Talib demə pir yanında utana, Talib dönməz pir yanında ötənə. Güman ilə yatur olsa sitəmə, Yuma onda murdar göndər sininə. Pir oldur ki, pir yurdunda otura, Talibin nöqsan yerini yetirə, Təsəlli verübən yola gətirə, İrişdirə dörd qapunun cəminə. Xətayiyəm, çar guşəyi gəzərəm, Eşq kitabın oxuyuban yazaram, Mürşidinə kəc baxandan bezaram, Nə çağıram, nə xud varam yanına. * * * İqrar verdim, dönmən ələst bəzmindən İqrar verdim, dönmən ələst bəzmindən, Verdiyim iqrarı imandan aldım. Başqa seyran gördüm, kəndi özümdən, Bu məhəbbəti mən Mərdandan aldım. Narü badü xakdan bilin xəlq oldum, Kəndi-kəndim ana rəhmində buldum, Müddət tamam oldu, dünyayə gəldim, Bu ibrətnümayi cahandan aldım. Bildiyim unutdum, eylərəm fəryad, Dərdim budur: dil yox istəyəm imdad, Təkrar yenə tə’lim etdi bir ustad, Dərsimi məktəbi-ürfandan aldım. Can gözü qəflətdən açıla düşdü, İkilik pərdəsi seçilə düşdü, Qüdrət xəzinəsi açıla düşdü, Cəvahiri kani-mərcandan aldım. Bu bir gizli sirdir, hər can duyamaz, Əhli-eşqin qatarına uyamaz, Dəgmə cöhərfüruş baha qoyamaz, Bu dürri-yektadır, ümmandan aldım. Gəl düşünmə, ağla sığmaz bu elim, Qüdrət xəzinəsinin miftahi dilim, Bir ulu dərgaha ulaşdı yolum, Bilməyən sanır ki, dükkandan aldım. Ah edib utandım kəndi sözümdən, Məst olub türabə düşdüm özümdən, Qanlı yaş axıtdım iki gözümdən, Macərayi çeşmi-giryandan aldım. * * * Musayə təsəlli göründi Turdən Musayə təsəlli göründi Turdən, Məst olub ağlını şaşırdı sirdən, Ənəlhəq sirrini aldım Mənsurdən, Məhəbbət kəmərin ərkandan aldım. Həq bilir, sözümə hiylə qatmazam, Hər kəsə bu siri əyan etməzəm, Qiyməti bilinməz yerdə satmazam, Mən bu nəsihəti bir candan aldım. Çalış bu girdabın çıx yörəsinə, Dərman gizlənibdir dərd arasına, Məlhəm sarılarmı eşq yarasına? Bu elmi, hikməti Loğmandan aldım. Aləm başdan-başa bir seyrangahdır, Gir könül şəhrinə, gör nə dərgahdır. Bir gizlicə sirdir, qüdrətüllahdır, Yazılmış dəftərü divandan aldım. Tərkü təcrid oldum, tökdüm qəbayi, Əynimə geyindim şalü əbayi, Mana sorun kimdən aldım yasayi? İsmayıla enən qurbandan aldım. Dünyadan əl çəkdim, ərkandır işim, Çeşmilə, bürhandır, tökülür yaşım, Sizlərə hədiyyə, eldədir başım, Ol yaşıl yaprağı Salmandan aldım. * * * Bir qəndildən bir qəndilə taxıldım Bir qəndildən bir qəndilə taxıldım, Türab olub yer üzünə yaxıldım, Bir zaman da çaxmaq ilə çaxıldım, Könümə od düşdü, yandım da gəldim. Əzəldən əvvəli biz haqqı bildik, Haqdan nida gəldi, haqqa haqq dedik, Qırxlar meydanında yunduq, pak olduq, İstəmən təharət, yundum da gəldim. Şunda bir qardaşla qeydə düşmüşəm, Pirlər məqamında yanıb bişmişəm, Qırxlar meydanında həm görüşmüşəm, İstəmən yanmağı, yandım da gəldim. Şah Xətayi aydır: – Sənindir fərman, Olursan hər qulun dərdinə dərman. Gözəl şahım, sənə min canım qurban, İstəməz qurbanı, kəsdim da gəldim. * * * Qəhrinə, küfrinə cümlə dayandım Qəhrinə, küfrinə cümlə dayandım, Əvvəl iqrar verib dönən gəlməsin. Rəngi, boyasına cümlə boyandım, Bu rənglərə boyanmayan gəlməsin. Rənginə boyandım, mən camdan içdim, Neçə canlar ilə qondum, qonuşdum, Məhəbbət eylədim, candan sevişdim, Məhəbbəti küfür sayan gəlməsin. Məhəbbət eylədim, sevdim yarımı, Xərc eylədim əldə olan varımı. Bir əsilzadəylə et bazarını, Etdigi bazardan dönən gəlməsin. Gerçək imiş sərsəriyə gəlməyən, Ər odur ki, iqrarından dönməyən, Qəlbində, könlündə riya bilməyən, İkilik kömlegin geyən gəlməsin. Günahkara təriq sitəm qodular, Meydana gələndə qırxlar dedilər, Dostu dostdan seçi verin dedilər, Əfsanə sözlərə uyan gəlməsin. Şah Xətayi aydır: – Bu həq yolidir, Doğru yoldir, bu həm eşq mənzilidir, Əksigə qalmayan pirim Əlidir, Qəlbində şübhəsi olan gəlməsin. * * * Gəl könül, pirlərin nəsihətini Gəl könül, pirlərin nəsihətini Biz tutalım, tutmayanda nəmiz var? Dost məhəbbətini məhəbbətmizə Biz qatalım, qatmayanda nəmiz var? Bizə bunu deyən böylə demişlər, Bir loğmayi min can ilə yemişdir, Ərəmlər bir doğru yoldur, qomuşdur, Biz gedəlim, getməyəndə nəmiz var? Yenə haq səndədir sən sənə baxa, Sən sənə baxıb da sən səndən qorxa, İxlas ilə niyazımızı haqqa Biz edəlim, etməyəndə nəmiz var? Gəl, Xətayi, iqrarımız güdəlim, Biz bizi görəlim, qeyri nedəlim? Yıxıq könülləri mə’mur edəlim, Biz edəlim, etməyəndə nəmiz var? * * * Ərənlər bu yolda hazırdır, hazır Ərənlər bu yolda hazırdır, hazır, Müsahib lövhini dəftərdən qazır, Gərəksə, eyləsin min kərrə üzür, Onlar ilə yeyib-içənə lə’nət. Ağlını bəyənib, iqrarın qoyub, Qalxıb havalanıb, nəfsinə uyub, Təbərra kömlegin əyninə geyib, Əzazil yurduna keçənə lə’nət. Bəyənməyib ərənlərin sözünü, Mənlik yurduna qondurmuş özünü, Haqq qapıdan döndərmişdir yüzünü, Əzazil donunu biçənə lə’nət. Ariflər beylə dedilər uluya, Əzazil neyləsin qəlbi doluya, Təbərra oxundu yanlış biliyə, Kəndi biləsinə uçana lə’nət. Xətayim der: – Birvəliyəm yol ilə, Sultanın töhfəsi hər dəm qul ilə, Könüldə kibr olub soyuq dil ilə Özün məhəbbətdən seçənə lə’nət. * * * == Gəraylılar == Bir söz Sözünü bir söyləyənin Sözünü edər sağ bir söz. Pir nəfəsin dinləyənin Yüzünü edər ağ bir söz. Bir söz vardır xalq içində, Dəxi söz var xülq içində, Olmaya ki, dəlq içində Deyəsən çarqadağ bir söz. Söz vardır, kəsdirər başı, Söz vardır, kəsər savaşı, Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir söz. Sözünü yaxşı bişirgil, Yaxşı us ilə düşürgil, Yaramazını şaşırgil, Canına olur dağ bir söz. İstərəm görəyim yarı, Bu rəmzi anlagil barı, Hezaran əhli-iqrarı Elər qara toprağ bir söz. Şah Xətayi ayatından, Sözün söylə öz zatından, Olmaya kim, pir qatından Səni edə irağ bir söz. * * * Dedilər Qırxlar meydanına vardım, Gəl bəri, ey can, dedilər. İzzət ilə salam verdim, Gəl uş də meydan dedilər. Qırxlar bir yerdə durdular, Otur deyə yer verdilər, Önümə surba sərdilər, Əl loğmaya sun dedilər. Qırxların qəlbi durudur, Gələnin qəlbin arıdır, Gəlişin hardan bəridir, Söylə, sən kimsən? – dedilər. Gir simayə, belə oyna, Silinsin, açılsın ayna, Qırx il qazanda dur, qayna, Daha çiy bu tən dedilər. Gördüyünü gözün ilə Söyləmə sən sözün ilə, Ondan sonra bizim ilə Olasan mehman dedilər. Düşmə dünya möhnətinə, Talib ol haqq həzrətinə, Abi-Zəmzəm şərbətinə Barmağını bən dedilər. Şeyx Xətayi, nədir halın? Haqqa şükr et, qaldır əlin. Qeybətdən kəsə gör dilin, Hər qula yeysən dedilər. * * * İstərlər Sərsəri, girmə meydana, Aşiq, səndən yol istərlər. Qəllaş ilə oturmadan İman əhli pul istərlər. Bu yola girən oturmaz, Haqq sözə hiylə qatılmaz, Bunda heç hiylə satılmaz, Gövhərindən qul istərlər. Bir qılı min para edər, Bu yolu ixtiyar edər, Şahım bir yol qurmuş gedər, Yol içində yol istərlər. Şah Xətayi der: – Neylərsən? Hər müşkülü həll eylərsən. Arısan, çiçək iylərsən, Yarın səndən gül istərlər. * * * Kərəm eylə Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eylə. Ləl daşını çay daşına Qatma, qardaş, kərəm eylə. Gördün bir yerdə aşina, Hər nə dersən öz başına, Yol daşını yol quşuna Atma, qardaş, kərəm eylə. Gördünsə bir yerdə rəqib, Neylərsən yüzünə baxıb, Münkiri qatara çəkib Getmə, qardaş, kərəm eylə. Xətayim çağırır, irə, Dünya belə gəlmiş zirə, Arif, oxun əbəs yerə, Atma, qardaş, kərəm eylə. * * * Nəzər eylə Aqil, gəl bəri, gəl bəri, Gir könülə nəzər eylə. Görür göz, eşidir qulaq, Söylər dilə nəzər eylə. Başdır gövdəyi götürən, Ayaq mənzilə yetirən, Dürlü məsləhət bitirən İki ələ nəzər eylə. Sufi isən, alıb satma, Halalına haram qatma, Yolun əyrisinə getmə, Doğru yola nəzər eylə. İki əlin qızıl qanda, Çox günahlar vardır məndə, Ya ilahi, kərəm səndə, Düşgün qula nəzər eylə. Xətayi aydır: – Ya ğəni, Verən mövla alır canı, Əvvəl kəndi-kəndin tanı, Sonra elə nəzər eylə. * * * Şah mənəm Allah-Allah, deyin, ğazilər, Ğazilər, deyin, şah mənəm. Qarşu gəlin, səcdə qılın. Ğazilər, deyin, şah mənəm. Uçmaqda tuti quşuyam, Ağır ləşkər ər başıyam, Mən sufilər yoldaşıyam, Ğazilər, deyin, şah mənəm. Nerdə əkərsən, bitərəm, Xanda çağırsan yetərəm, Sufilər əlin tutaram, Ğazilər, deyin, şah mənəm. Mənsur ilə darda idim, Xəlil ilə narda idim, Musa ilə Turda idim, Ğazilər, deyin, şah mənəm. Qırmızı taclı, boz atlı, Ağır ləşkər nisbətli, Yusif peyğəmbər sifətli, Ğazilər, deyin, şah mənəm. Xətaiyəm, ağ atlıyam, Sözü şəkərdən datlıyam, Murtəza Əli zatlıyam, Ğazilər, deyin, şah mənəm. * * * Yol əhlinin Dil ilə dərvişlik olmaz, Halı gərək yol əhlinin. Arıların hər çiçəkdən, Balı gərək yol əhlinin. Keçmək gərək dörd qapıdan, Qurtulasan mürəbbidən, Mürəbbidən, müsahibdən Əli gərək yol əhlinin. Mən gəzərəm dərdli-dərdli, Ötər firqətli-firqətli, Bülbül kimi ünü dadlı Dili gərək yol əhlinin. Mən gəzərəm ayıq-ayıq, Dəryalarda olur qayıq, Bülbülləri şaha layıq, Gülü gərək yol əhlinin. Xətayim der: – Quşaq quşan, Toz olur türaba düşən, Budur dərvişliyə nişan; Yolu gərək yol əhlinin. * * * Qamu Rum-u Çin-ü Xorasan-u Şam Qamu Rum-u Çin-ü Xorasan-u Şam, Açar bir bəy igid bunları tamam. Alıb Şam-u Rumı müsəxxər qılıb, Pəs ondan həva-yi Firəng eylərəm * * * Gəldim Bir nəfəscik söyləyəyim, Dinləməzsən, neyləyəyim? Eşq dəryasın boylayayım, Ümmana dalmağa gəldim. Eşq xərmənində sovruldum, Həm ələndim, həm yoğruldum, Qazana girdim, qovruldum, Meydana yenməgə gəldim. Mən haqqa oldum aşina, Qalmadı könlümdə nəsnə, Pərvanəyəm ataşına, Şəm’inə yanmağa gəldim. Şah Xətayidir özümdə, Heç xilaf yoxdur sözümdə, Əskiklik kəndi özümdə, Darına durmağa gəldim. * * * == Varsağı == Biz də xanədanə gedər der idik Biz də xanədanə gedər der idik, Mehman canlar, bizə səfa gəldiniz. Hər sabah, hər sabah yüzüm üstünə, Mehman canlar, bizə səfa gəldiniz. Bəli dedik bir gerçəgin dəstinə, Canım qurban olsun haqqın dostuna, Hər sabah, hər sabah yüzüm üstünə, Mehman canlar, bizə səfa gəldiniz. Getdi yoldaşlarım, qaldım yalınız, Bağçada açılır qönçə gülünüz, Şəkər məhəbbətiz, dadlı diliniz, Mehman canlar, bizə səfa gəldiniz. Bayquş kimi nə bəklərsən viranı, Şükür olsun səni bizə verəni, Sultan Xətayinin işi, yörəni, Mehman canlar, bizə səfa gəldiniz. * * * Dədəm, xoş gəldin, xoş gəldin Qaibden dəlil göründün, Dədəm, xoş geldin, xoş gəldin! Bizi sevib sevindirdin, Dədem, xoşgəldin, xoş geldin! Iki can idik birləşdik, Məhəbbət qapısın aşdıq, Şükür didara irişdik, Dedəm, xoş geldin, xoş geldin! Üstümüzə yol uğratdm, Gövhər aldın, gövher satdın, Ərliyini isbat etdin, Dədəm, xoş geldin, xoş gəldin! Bir ağacda güllər bitər, Dalında bülbüller öter, Şahıma bərgüzar gedər, Dədəm, xoş geldin, xoş gəldin! Boylə, Şah Xətaim, boylo, Pirim dəstur versin söylə, Şaha məndən niyaz eyle, Dədəm, xoş gəldin, xoş gəldin! * * * İçmişəm bir dolu, olmuşam ayıq İçmişəm bir dolu, olmuşam ayıq, Düşmüşəm dağlara, olmuşam geyik, Sənə derəm, sənə, sürməli keyik, Qaçma məndən, qaçma, avçı deyiləm. Avçı deyiləm ki, düşəm izinə, Qaça-qaça qanlar endi dizinə. Sürmələr hey çəkdin qonur gözünə, Qaçma məndən, qaçma, avçı deyiləm. Sənə derəm, sənə, geyik ərənlər, Bizə sevda, sənə dalğa verənlər, Dilərəm mövladan yenməz vuranlar, Qaçma məndən, qaçma, avçı deyiləm. Aydır Şah Xətayim: – Uçan-qaçandan, Zərrəcə qorxmarıq bu dadlı candan, Gedib də’vaçı olma atana məndən, Qaçma məndən, qaçma, avçı deyiləm. * * * Qalsın könül, yol qalmasın. Gəl, könül, incimə bizdən, Qalsın könül, yol qalmasın. Əvvəl-axır yol qədimdir, Qalsın könül, yol qalmasın. Ərənlər bizə busudur, Yalan söyləyən asıdır, Bu, gerçəklər nəfəsidir, Qalsın könül, yol qalmasın. Baxçada açılan güldür, Mə’nayi söyləyən dildir, Pəs əzəldən qədim yoldur, Qalsın könül, yol qalmasın. Başındadır altun tacı, Budur ərənlər me’racı, Kəskindir yolun qılıcı, Qalsın könül, yol qalmasın. Ey divanə, ey divanə, Aşiq olan qıyar canə, Xətayi der Taclı xanə: – Qalsın könül, yol qalmasın. * * * Bax, nəzər eylə də həmən arif ol. Bir gözəlin vücudunun şəhrinə, Bax, nəzər eylə də həmən arif ol. Dükanında dedigin mətaına Bax, nəzər eylə də həmən arif ol. Seyr et özgə ərənləri görəsin, Təbib sarar yürəgimin yarəsin. Çərb eyləmə məhəbbətin çırasin, Bax, nəzər eylə də həmən arif ol. Hərcayi gözələ qoşma başını, Hərcayilik edib atar daşını, Müştəri bulunsa söz qumaşını, Bax, nəzər eylə də həmən arif ol. Xətayim der: – Rəhm etməzəm yalana, Özün təslim edər kəndi gələnə, Ay Əlidir, gün Məhəmməd bilənə, Bax, nəzər eylə də həmən arif ol. * * * == Bayatılar == Bayatılar Xətaiyəm xəttarəm, Həq sirrine settarəm, Həkimlerin dərmanı, Tebiblərə ettarəm. Xətaiyəm bir haləm, Əlif üstiündə daləm, Sufiyəm teriqətdə, Həqiqətdə abdaləm. Xətaiyəm, ver cəvablən, Qırmızı gül gülablen, Səndən can esirgəmem, Zira kim, bir hesablen. Xətai işin düşer, Gəlib, gedişin düşer, Dişlemə çiy löqmeni, Yerinə dişin düşər. * * * == Müxtəlif şeirlər == Baharın gəldiyin nədən biləyim Baharın gəldiyin nədən biləyim, Gül dikəndə bitər, bülbül daldadır. Əyyubun tənində iki qurd qaldı, Biri ipək sarar, biri baldadır. Könlünə gətirmə şəkk ilə güman, Seyid Nəsimiyə de, ol oldu şan. Tanrı ilə minbir kəlam söyləşən, Əli Mədinədə, Musa Turdadır. Şəriət yolunu Məhəmməd açdı, Təriqət gülünü Şah Əli seçdi. Şu dünyadan neçə yüz min ər keçdi, Onlar ittifaqda, Mehdi yoldadır. Adəmin, Hatəmin zat-i Fəzlullah, Əşyayi qərq etmiş bu bir sirrullah. Şahənşahi-qütbi-aləm zillullah, Qüdrət-i nəzəri mömin quldadır. Şah Xətai aydır: sirrini yayma, Qıla gör namazın qəzayə qoyma, Şu fani dünyada heç sağam demə, Tənin tənaşirdə, sirrin saldadır. * * * Bahariyyə Qış getdi, yenə bahar gəldi, Gül bitdi və laləzar gəldi. Quşlar qamusu fəğanə düşdü, Eşq odu yenə bu canə düşdü. Yer geydi qəbayi-xizar rpuşan, Cümlə dilə gəldi ləbxamuşan. Sərvin yenə tutdu damənin su, Sərv üstə oxudu faxtə gu-gu. Qönçə dəhəni çəməndə xəndan, Gülməkdən ənar açıldı dəndan. Bülbül oxudu süfati-hicran, Dəryada dür oldu əbri-neysan. Durna uçuban həvayə düşdü, Laçın oluban ovayə düşdü. Alma ağacı dibindən sayə, Tən eylər idi buluda, ayə... Yaşın yerə tökdü əbri-neysan. Bülbüllər oxudu sədhəzaran. Mey bəslədi jalə hər vərəqdə, Turac kitab oxur təbəqdə. Qum-qum der idi ağacda qumri, Məst oldu bənəvşə içdi xumri. Şax üstə qabaqlar aslı halı, Qu gərdənidən verir misalı. Quş beççələri ünü yuvadən, Məktəb ünü tək gəlir həvadən. Boyandı zəmin həzar rəngə, Övraqi-şəcər də təngə-təngə. Neylufər açıldı suya girdi, Pirahənini başına bürdi. Çinar əlini çü rəqsə açdı, Gül xürdə zərin şəbaşə saçdı. Çaylar bulandı, yıxdı arxı, Bağlar ağacı göyərtdi şaxı. Gilas ağacı dibində mahim, Çün mah idi dərmiyani-əncüm. Yüz dürlü qəba yeyib çəmənlər, Ağ donunu geydi yasəmənlər. Sirab gülünün üzündə ati, Nərgis oturar başında xabi, Hər qönçədə vərdi-ərğavəni, Qumru fəridən verir nişani. Ta çalmaya dan yeli tapança, Üzünə niqabin örtdü qönçə. Yaşıl çəmən üstdə jalə çin-çin, Əxzər fələk üstə rəşki-Pərvin. Sərv etdi çəməndə sərfərazi, Gül cilvələnir başında nazi, Çıxmış budaq üstə əndəlibi, Mənbərdə oxur çəmən xətibi. Lalə oturur başında taci, Heç sərvərə yoxdur ehtiyaci. Sünbül daramış saçın be şanə, Ənbər qoxusunun qılur fəşanə. Al ilə yaşıl geyindi bağlar, Ağ ləçəgi sərpa saldı dağlar. Durmuş çəmən üstə sərv ayağə, Qılmağa təmaşa solü sağə. Ahu quzu doydurub uyutdu, Oğurlanıb özü ota getdi. Durna uçub ün çəkib həvadə, Gedər ünü qırx ağac ziyadə. Bağrı qaranın qarardı bağri, Şahbaz onu varanda doğri. Hər şey günəşə qurutdu yaşin, Qövsi-qüzəh açdı tər qumaşin. Döndü vətəninə cümlə quşlar, Gəldi yuvasına qırlaquşlar. * * * Həqiqət bir gizli sirdir Həqiqət bir gizli sirdir, Aça bilirsən, gəl bəri. Küfr içində iman vardır, Seçə bilirsən, gəl bəri. Açıldı cənnət qapusu, Ləlü gövhərdir yapusu, Qıldan incədir körpüsü, Keçə bilirsən, gəl bəri. Canımız mələk canıdır, Tənimiz Səlman tənidir, İçdiyim arslan qanıdır, İçə bilirsən, gəl bəri. Pirimdən öyüd almışam, Ustadımdan dərs almışam, Mən qanadım bağlamışam, Uça bilirsən, gəl bəri. Mən bağçaların güleyəm, Ayini-cəm bülbülüyəm, Qırx qapunun kilidiyəm, Aça bilirsən, gəl bəri. Şah Xətayim eydür: həman, Dağları bürüdü duman, İştə İncil, iştə Quran, Seçə bilirsən, gəl bəri. * * * == Qəsidələr == Həqiqət bəhrizatun əkbər oldu Həqiqət bəhrizatun əkbər oldı Sifətünden anun bir gövhər oldı. Məhəmməd Mustafadur kani gövhər Kəmalu qüdrətünden Heydər oldı. Həsəndür mülkü eşqün doğru yarı Anun hüsnünə Yusuf çakər oldı. Hüseyin Kərbəladur sahi meni Ona münki olanlar kafər oldı. Əli Zeynalebadünin bağrı bil, Mövalilər imamı Cəfər oldı. İmam Kazım, Əli, Musa, Rizadan Təqidür, hanqi şah əsgər oldı İirşdi vəd əsi Sahib-Zamanun, Ulu divan quruldı, məhşər oldı. Olar ki, tabeyi mərvanil ərdür, Sürüldi çıxdı dindən əbtər oldı. Şahın övladına iqrar edənlər Əxilər, ğazilər, əbdallar oldı. Vilayət baxçasının bağibani Üzin açdı cahanə ənvər oldı. Təcəlləsi zuhur oldı imamım, Xəvaric görmədi kor və kar oldı. Şahım astanəsində qulları çox Xətai cümləsindən kəmtər oldı. * * * == Qəzəllər == Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana Ah kim, sən getdin, ey ay yüzlü, can qaldı mana, Can səninlə getdi cismi-natəvan qaldı mana. Taki sən getdin yanımdan ey dilaramım mənim, Haləti-vəslin könüldə pasiban qaldı mana. Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim, Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana. Gər nihan oldu gözümdən ol pəri-peykər sənəm, Göydə mah anun yüzündən bir nişan qaldı mana. Taki səndən ayrı düşdi bu Xətai xəstədil, Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana. * * * Arizin kim ol rüxi-pürnuri-tab üstündədir Arizin kim ol rüxi-pürnuri-tab üstündədir, Suyə bənzər kim, həmişə afitab üstündədir. Haq bilür kim rüxlərin şənində olmuşdur nüzul, Ayəti-müshəf ki, ovraqi-kitab üstündədir. Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli, Pərtövi-mehri-cəmalın aftab üstündədir. Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər, Asiman daim ki, yüzündən niqab üstündədir. Mehri-eşqin nəqdinə viranə könlümdür məqam, Kim, bəli gəncin yeri daim xərab üstündədir. Ayağın toprağıdır həq əhlinin başında tac, Cismi daim bu Xətainin türab üstündədir. * * * Arizində sünbülün ənbərfişan etmiş durur Arizində sünbülün ənbərfişan etmiş durur, Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur. Afərin, ol gül yanağlu dilbəri-rənayə kim, Hüsn bağında boyu sərvi-rəvan etmiş durur. Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin, Sün ilən bir mumudur, yaxud miyan etmiş durur. Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm, Yoxsa dövran fitneyi-axır zaman etmiş durur. Ey Xətai, ahuyi-könlün şikar etməkliyə, Dəsti-qüdrət kim, səni əbru kəman etmiş durur. * * * Aşiq isən gəl bərü, kim, cani-canan məndədir Aşiq isən gəl bərü, kim, cani-canan məndədir, Zahida, sən xandasan, kim, nuri-iman məndədir. Məndədir yer ilə göyin hikməti, həm qüdrəti, Abu atəş, xakü badü cümlə ərkan məndədir. Həqtala dörd kitabı göydən endirdi yerə, Mən onu istəməzəm, çün külli-fürqan məndədir. Katiba, ağu qərayə baxma səni azdırur, Aç qulaq, dinlə sözüm, avazi-quran məndədir. Pəhləvanlar, çün cahanda Rüstəmi-zal olmuşam, Həm İskəndər hikməti, hökmi-Süleyman məndədir. Əyyuba çəkdirdi çox dərdü bəlavü möhnəti, Gəl məni istəş, verəyim dərdə dərman məndədir. Yəqubi gör, zarü giryan Yusifi-Kənan üçün, Piri-künci-xəlvətəm, uş, Misri-sultan məndədir. Şahi-Mərdanın-Əlinin aliyəm, övladiyəm, Zülfüqarü tacü Düldül, uç nişanı məndədir. Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin, La fəta illa Əli, bu sirri-pünhan məndədir. Mən şəha bu canımı sidqilə qurban qılmışam, Gər qəbul qılsa vilayət, eydi-qurban məndədir. Çün Xətaiyəm şahın vəsfinyi daim söylərəm, Eşqilə bel bağlaram, dəftərlə divan məndədir. * * * Aşiq odur kim, sözü canü dililə yar bir Aşiq oldur kim, sözü canü dililə yar bir, Bir durur aşiq əzəldən sevgili dildar bir. Əhli-eşqin məniyi-zatü süfati bir durur, Adəmə qıl səcdə zahid, qılmagil inkar bir. Cümlənin halın bilən sənsən niyə bildirməyən, Demə hər naməhrəmə gər qılmasa iqrar bir. Olmadı bu sirrə məhrəm hər xəsisi-kəcsüxən, Dərdimin dərmanı doğru, yar bir, əttar bir. Pir birdir, sirr bir, iqrar bir, köftar bir, İkilik sığmaz bu yolda, sirr ilə sirdar bir. Sən bilirsən bəndənin halın, nə bilsin bilməyən, Birmidir, ya yüzmidir, ya minmidir, bazar bir. Atəşi-eşqin tutuşdurdu vücudim şəhrini, Baxaram ki, hur birdir, nur birdir, nar bir. Sədhəzaran zülm edərsən, dönməzəm, döndərməzəm, Yüzümü, ya sözümü, ya gözümü, ğəmxar bir. Canə minnətdir nə gəlsə ğəm yemən şükr eylərəm, Canı verdim, başı qoydum, olmuşam bimar bir. Məsti-eşq etdin məni, Məcnunü əmni neylərəm, Ey susamış qanıma, nərgizləri xunxar bir. Ömr birdir, gün bu gündür, yetsə dəm, saət deməz, Baqi olmaz can bu təndə, fanidir, ədvar bir. Heç günahsız bəndə olmaz, heç xətasız kimsə yox, Sən günahın görə görkil əfv edən Ğəffar bir. Bu dükan yüz min dükandır, həq dükanıdır vəli, Şəhr birdir, kar birdir, asılırsan dar bir. Ey Xətai, sən təvəkkül həqqə qılgil çəkmə ğəm. On səkiz min aləmə hökm eyləyən sərdar bir. * * * Badi-sübh əz suyi-məşriq afitab almış gəlür Badi-sübh əz suyi-məşriq afitab almış gəlür, Ğaliba yarın cəmalından niqab almış gəlür. Aşiqi-dilxəstədən dəf süda etmək dilər, Sünbülündən dilbərin buyi-gülab almış gəlür. Gözlərin dövründə məst oldu ləbin çahin görüb, Zahidi meyxanədən gördüm şərab almış gəlür. Sufiyi-biçarə həm halın görüb ol zahidin, Söhbətin gərm etməyə çəngü rübab almış gəlür. Hər kişi almış gəlür, anın ğəmindən bir nəsib, Bu Xətai çeşmi-pürxun, dil kəbab almuş gəlür. * * * Bağdaş qurub otursa nigarım, fəğan qopar Bağdaş qurub otursa nigarım, fəğan qopar, Dursa-otursa, fitnəyi-axirzaman qopar! Şirvan xəlayiqi qamu Təbrizə daşına, Mülki-Əcəm sorar ki, qiyamət haçan qopar? Yetdikcə tükənür ərəbin kuyü məskəni, Bağdad içində hər necə kim türkman qopar. Çıxsa saraydən bu cahan vadisin tutar, Bir mürşidi təriqəti-pirü cavan qopar. Görmişdi ta Xətai əzəldən yəqin bunu, Nuhun əlaməti gəlir, andan tufan qopar. * * * Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir? Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir? Eşqində bunca dərdü bəla kimdən öyrənir? Aşiqlərinə cövrü sitəmdir işi müdam, Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən öyrənir?! Bu xəstənin qapunda duadır işi müdam, Sor ol gədayə, munca dua kimdən öyrənir? Ol ay yüzünü görməyə yer-göy bəha dedi, Yarəb ki, bu mətaə bəha kimdən öyrənir? Cana, Xətai dünyada dərdin çəkər sənin, Könlünə sor ki, rəsmi-dəva kimdən öyrənir? * * * Bir pəri heyraniyəm, bilmən məkani xandadır Bir pəri heyraniyəm, bilmən məkani xandadır? Kimsə bilməz dünyada namü nişani xandadır? "Xubları sevmə" deyib, tən etmə, ey naseh, mana, Çünki bilməzsən məqami cavidani xandadır. Gəldi "sübhan-əlləzi əsra beəbdeh" şəninə, Lövhi-məhfuz üstə ol hüsnin bəyani xandadır? Dün dedim, bir busə ver, der: can verüb almaq gərək, Bu məkan içrə mətai-rayikani xandadır? Mən dedim: yüzünü göstər, dedi: "taqət yox sana", Bu sualinə cavabi - "ləntərani" xandadır? Ta vüsalından cüda düşdüm, həyatım qalmadı, Dünyəvü üqbadə sənsiz zindəgani xandadır? Qanda kim, yatım cahanda uyğu gəlməz çeşmimə, Bu Xətai yatmağa, yar asitani xandadır? * * * Bir qətreyi-ərəq ki, yüzündən nisar olur Bir qətreyi-ərəq ki, yüzündən nisar olur. Səhni-zəmin baharü gülü laləzar olur. Ta şanə qıldı zülfini məşşateyi-əzəl, Tabindən açılır ki, cahan müşkbar olur. Rəna qədin, ki, sərv səhidir müqabili, Yarəb, münasibi nə səbəbdən çinar olur. Yarın Xətai, kuyinə can ver, besidqi-dil, Yarım deyən sənə xaçan əğyarə yar olur! * * * Bir əzəldən ta əbəd meydanə gəlmişlərdənüz Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz, Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz. Yazmağa həqdən kəlamüllahi-natiq şərhini, Kim bəyani-elm ilən Quranə gəlmişlərdənüz. Kainati-surəti-Rəhmani təfsir etməyə, Ruhi-qüdsi surəti-Rəhmanə gəlmişlərdənüz, Bir müənbər türrənin küfrinə "amənna" döyüb, Həqqə təslim olmuşuz, imanə gəlmişlərdənüz. Saqiyi-baqi əlində məst olub içməkdəyüz, Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz. Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün, Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz. Ey Xətai, eydi-əkbərdir, cəmali dilbərin, Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz. * * * Bizim ol dilrüba cananəmizdir Bizim ol dilrüba cananəmizdir, Məgər ol can degil, cana, nəmizdir? Yanarmən şəmi-ruyin həsrətindən, Deməzsən, ol bizim pərvanəmizdir? Fəraqindən nə fikri vardır, ey dust, Vüsalın hər gecə mehmanəmizdir. Gözün sərməstdür, boyun sürahi, Sözün nəqlü ləbin peymanəmizdir. Güləndə dişlərin ağzında, ey can, Sədəf içindəki dürdanəmizdir. Səri-zülfin içində danə xalın, Könül quşinə damü danəmizdir. Dedim: kimdir Xətai, bəndənizdə? Dedi: bir aşiqi-divanəmizdir! * * * Boyun bir sərvi-rənadır güli var Boyun bir sərvi-rənadır güli var, Səmən üzrə pərişan kakili var. Nə nazikdir cəmalın gülşəni kim, Güli-tər üzrə nazik sünbüli var. Nə gülşəndir yüzün kim çevrəsində, Həzaran əndəlibü bülbüli var. Necə məstü xumar olmaya çeşmin, Önündə ləblərin kimi müli var. İnanma zülf-əhdinə, Xətai, Kim onun bir başıvü min dili var! * * * Bu aləm hüsninə heyrandır, ey dust Bu aləm hüsninə heyrandır, ey dust! Sana bu qönçə ləb xəndandır, ey dust! Mən ol Yəqubi-nisbət zar buldum, Cəmalın Yusifi-Kənandır, ey dust! Hilali qaşını ta gördü çeşmim, Bu canım eydinə qurbandır, ey dust! Sana bu künfəkan valeh bulubdur, Ki, hüsnin surəti-Rəhmandır, ey dust! Cəmalın səfhəsində xəttü xalın, Yüzündə ayəti-Qurandır, ey dust. Sənin eşqin vücudim şəhri içrə, Bu könlüm təxtinə sultandır, ey dust! Xətaiyə demişsən cövr edim çox, Yenə lütfü yenə ehsandır, ey dust! * * * Bu gün mən munda, yarım anda neylər Bu gün mən munda, yarım anda neylər, Yüzü şölə nigarım onda neylər? Apardı əql ilə səbrü qərarım, Mənim səbrü qərarım anda neylər? Qatı müştaq idim şirin ləbinə, Gözü məstü xumarım anda neylər? Vətəndən ayrı düşdüm, dadü fəryad! Qəribəm, ğəmküsarım anda neylər? Xətai xəstə düşdüm yardan ayrı, Təbib ilə timarım anda neylər! * * * Bu könlüm şad olur qəmdən, rüxu çün laləgün görgəc Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc, Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc. Əgər ah eyləsəm topraq olur dərləhzə ahimdən, Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc. Onunçün əyləməz ahi bu canım rəhgüzarında, Həramilər çaparlar karivani çün tütün görgəc. Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan, Fələk ovcində xyrşidi həyadan sərnigun görgəc. Xətai, rəsm beylə eyləyibdir etiraz ilə, Həzaran naz edər xublar ki, aşiqni zəbun görgəc. * * * Bu mənim cismimdəki zəhmətlərim ol can bilür Bu mənim cismimdəki zəhmətlərim ol can bilür, Mənə hicran etdigin ol dilbəri-canan bilür. Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə ğəm yemən, Çün xəyalini sənin dil sevgili mehman bilür. İnciməz bu xəstə canım dərdi-hicrindən sənin, Cövri-qəhrin gəldiyincə lütf ilə ehsan bilür. Çünki, birdir aşiqə qəhr ilə lütfin mənisi, Dil fəraqini vüsalü dərdini dərman bilür. Ruzü şəb bülbül təki, eylər Xətai nalələr, Baği-hüsn içrə yüzünü çün güli-xəndan bilür. * * * Bu məşrəbə bir səfayi-candır Bu məşrəbə bir səfayi-candır, Qərrabə dibi ona məkandır. İçi doludur əz abi-heyvan, Aləmdə nişani binişandır. Can dövlətini bilir təmamət, Sən sanma onu ki, bizəbandır. Dövri-yüzünün çü məh təmamət, Sərpüş, çü şəkli-asimandır. Vəsfində anın Xətai heyran, Gər sənət isə budur, hamandır! * * * Bu qəmzə deyil, bəladır, ey dust Bu qəmzə deyil, bəladır, ey dust, Bu xəndə deyil, cəfadır, ey dust. Şəkər ləbin ağzıma söyərsə, Söymək deyil ol, duadır, ey dust. Yer yüzi həvayi-qəddün ilə, Cənnət kimi xoşhəvadır, ey dust. Dil mürşidinə xəyali-zülfin, Həm xirqəvü həm əsadır, ey dust. Aşiq olalı sana Xətai, "Ba-la" ına mübtəladır, ey dust. * * * Bu surahi bir dilarami-pəri nisbətlidir Bu surahi bir dilarami-pəri nisbətlidir, Şəkli bir məhbubi-şuxun peykəri nisbətlidir. Oturur məclisdə bir zərrin külahi-simtən, Asılır zülfi-müsəlsəl ənbəri nisbətlidir. Yoxsa, bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut, Ol kəmər üstə əliflər xəncəri nisbətlidir. Təxti-simin üstə oturmuş Süleyman hökm üçün, Əldə bir zərrin əyağ əngüştəri nisbətlidir. Hər tərəfdən görünür yüzündə yüzlü surəti, Filməsəl ayineyi-Iskəndəri nisbətlidir. Sidqilən bel bağlamış, durmuş fütuhi rəzm üçün, Ğazilər yanında anun ləşgəri nisbətlidir. Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən, Səlsəbil içində abi-kövsəri nisbətlidir. Yoxsa, doğmuş arədə bir afitabi-şəmi-bəzm, Çeşmi-mərdum anə hər su müştəri nisbətlidir. Bəzl edər bəzmin Xətai abi-kövsərdən müdam, Şahi-mərdanə Əlinin Qənbəri nisbətlidir. * * * Bu sürati, filməsəl, bir dilbəri canan durur Bu sürahi, filməsəl, bir dilbəri canan durur, Rahi-ruhəfza anın içində nazik can durur. Məclisi-üşşaqi pürnur etsə ol hər şəb nola, Kim, məlayik şəmi göydə kovkəbi-rəxşan durur. Səcdeyi-şükr eyləyib hər dəm ayağa baş üçün, Çün görər üstündə daim sayeyi-sübhan durur. Səbzxət saqilər, andan doldurun peymanələr, Xızr cami tək pürabi-çeşməyi-heyvan durur. Bir pəri sərvi-səhi qəddir ki, durmuş rəqs üçün, Yoxsa, cənnət məclisində tubiyi-rizvan durur. Cami-Cəmşidi-Cəmin dövrani xətm oldu tamam Dövri-cam indi anındır kim, şəhi-dövran durur. Budur ol ayineyi Iskəndəri-gitinüma, Munda rövşəndir cahanda hər nə kim, pünhan durur. Bu sürahidən məvali dolduranda dustkam, Qayğudan düşmən xəvaric yürəgi bir qan durur. Görmədi heç kimsə mun tək, simtən məhbubi-şux, Kakili-zərrinü taci dəxi nurəfşan durur. Yerdə əksi çərxi-pür kökəbdir olmuş aşikar, "Nəssi-əzzinəs-səmavət" ayəti-bürhan durur. Böylə qiymətli cəvahir hansi mədəndən çıxır, Kün-fəkan, mülkün bəha versən, hənuz, ərzan durur. Bu Xətai içdi andan dər əzəl bir cürə mey, Ta əbəd hüşyar olmaz, məsti-cavidan durur. * * * Bu şahi-pürkərəm, sahibnəzərdir Bu şahi-pürkərəm, sahibnəzərdir, Vilayətdir, yəqin nuri-bəsərdir. Quşanə ğazilər seyfü silahi, Münafiq caninə xovfü xətərdir. Yəzidin ləşgəri yüz min olursa, Vilayət ləşgərindən bir yetərdir. Münafiq ləşgəri bir ğazi görsə, Qoyun ki, qurd toxur ondan bətərdir. İşarət qıldığunca bir nəzər şah, Önündə Şümrü Mərvan dərbədərdir. Nişanı ol günəş tələtli şahın, Başında tacü belində kəmərdir. Olar kim, cəhli-təndir, sirri-qüdrət, Onu arif bilür, incə xəbərdir. Cahangir ğazilər meydanə girsə, Xəvariclər əyaqda payisərdir. Çü rəhmət yağmuri irdi zəminə, Ki hər bir ğazinin yüz namvərdir. Yezidə zəxmi-seyfü tirü xəncər, Başından getməsin tiğü təbərdir. Əli bəhri-həqiqətdir, yəqin bil, Həyati-cavidani mötəbərdir. Vilayət bəhrinə yol bulmayanlar, Gözü əmavü əhməq bixəbərdir. Nəfəs göhərdir anu bir bilənlər, Sözün bir söyləyənlər, gerçək ərdir. Qızıl ələm, qızıl bayraq, qızıl tac, Geyinsə ğazilər, ol gün həzərdir. Xətai şah yolunda can fədadır, Çe cayi-mülkü malü simü zərdür. * * * Bu tübşi kim, yeri dər, ziri-padır Bu tübşi kim, yeri dər, ziri-padır. Fələklər çərxi anın rəhnümadır. Həmişə xaki sanmışdır özünü, Anınçün gözlər içrə tutiyadır. Müdəvvərdir, müsəvvərdir, münəvvər, Yer üstə sureyi-şəmsüz-zühadır. Anın müratinə bax həqqi gör kim, Kim, ol ayineyi-giytinümadır. Yüzü ol şəms imiş bəzm əhli içrə, Təala şanəhü, əhli-liqadır. Anınçün olmuş anın şərbəti pak, Ki, heyvan suyilən, yüz tən nəvadır. Xətai, şükr qıl həqq qüdrətinə, Ki, həqqin bilməyən əhli-xətadır. * * * Bürpərəst oldu könül, bütxanələr küncündədir Bütpərəst oldu könül, bütxanələr küncündədir, Mən bilürmən bu dili-şeyda nələr küncündədir. Gənci-eşq üçün vücudim şəhrini qıldım xərab, Nişə kim gəncin yeri viranələr küncündədir. Yusifi-Kənani salmışdır zənəxdan çahinə, Zülfünə bağlı necə, divanələr küncündədir. Cismimi tərk etdi dil, kuyində tutmuşdur məqam, Kim ki, can tərkin qılur, cananələr küncündədir. Nərgisi-məsti-xumarın qanımı içməkliyə, Qaşların mehrabi ol məstanələr küncündədir. Dürlü nəzmim həsrətindən, firqətindən, ey sənəm, Bəhri-çeşmim mədəni dəndanələr küncündədir. Zahid aydır, ey Xətai, rəxti-dəstarın xanı? Qoymuşam meyçün girov, meyxanələr küncündədir. * * * Cahanda aşiqin çox adı vardır Cahanda aşiqin çox adı vardır, Ki, hər birisinin bir dadı vardır. Bu gün sən Xosrovi-şirin dəhənsən, Sənin tək Şirinin Fərhadı vardır. Bu eşqin öyünə dözməz dağü daş, Yavuz iti külüng fuladı vardır. Hər işi eşqilə dutgil cahanda, Ki, eşqilə olan bünyadı vardır. Nə yerdə bir guri ahu olursa, Müqərrərdir, anın səyyadı vardır. Cəmi, bəndənin vardır niyazı, Qamu könüllərin müradı vardır. Uda bilməz munu dövri-zəmanə, Ki, bir oynayıcı nərradı vardır. Zühur oldu oyunçu rindü qəllaş, Vilayətdən anın irşadı vardır. Sağınmanız Xətai, dərdini sor, Ki, söylər söylədir ustadı vardır. * * * Cana, könüldə həmdəm olan qəm durur mana Cana, könüldə həmdəm olan qəm durur mana, Gör kim, fəraq evində nə həmdəm durur mana. Ancaq yüzün görəndə sənin can degil məlul, Zülfin kimi könül dəxi bərhəm durur mana. Dil təşnə olsa vadiyi-hicrində qəm yemən, Ləlin zülali çeşmeyi-Zəmzəm durur mana. Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni, Bu çox bəla ki, hicrin edər kəm durur mana. Miskin Xətai vəsl ilə yüz il yaşar, müdam, Bu ömr kim, zəmanədə bir dəm durur mana. Ey cəmalın gülstani-baği-minudur mana, Cənnəti-rizvan ki, derlər ol səri-kudur mana. Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan, Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana. Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm, Bu cəfaləri qılan ol yari-məhrudur mana. Gecələr ta sübh olunca uyxu gəlməz eynimə, Ta xəyalın daima çeşmimdə qarşudur mana. Onca yaş tökdi Xətai firqətindən, ey sənəm, Xancaru baxsam gözümdə yer yüzü sudur mana. * * * Cana, ğəmində gözlərimə su gəlür, gedər Cana, ğəmində gözlərimə su gəlür, gedər, Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər. Vəsl olmaz isə yüzünü görmək mənə müdam, Kuyindən, ey sənəm, mənə bir bu gəlür, gedər. Bixab qaldı kövkəbə nisbət bu gözlərim, Hər gecə özgə gözlərə uyxu gəlür, gedər. Ta görmədi gözüm səni, ey sərvboylu yar, Sənsiz həmişə gözlərimə cu gəlür, gedər. Miskin Xətai görmədi çeşmin kimi sənin, Səhra içində munca ki, ahu gəlür, gedər. * * * Cana, sənin camalını can afitab oxur Cana, sənin camalını can afitab oxur, Hüsnün kitabi-şərhini ümmülkitab oxur. Xublar yüzünə baxmağı zahid günah deyər, Aşiqlər ol günahı həmişə səvab oxur. Bülbül oxurdu gülşəni-hüsnün süfatini, Dil gördü gül yüzüni, sözünə cəvab oxur. Hər xəstə dil ki, badeyi-eşqinlə oldu məst. Çeşmini saqi, ləlini cami-şərab oxur. Miskin Xətai yetmək üçün xaki-payinə, Hərdəm dilində ayəti "Künti-türab" oxur. * * * Cahü dilmi qoymuşam yolunda mən ey dilrüba Canü dilmi qoymuşam yolunda mən ey dilrüba, Taki uyxuda görər mən sən təki bir məhliqa. Taki eşqinin bəlası canıma kar eylədi, Ey təbibim, bilməzəm kim, varmı bu dərdə dəva? Daneyi-xalinə ta kim, mürği-can qıldı təmə, Dami-zülfin həlqəsinə oldu canım mübtəla! Ey mürüvvət mədəni, məndən kərəm qılma diriğ, Qənbərinəm mən sənin şahım bəeşqi-Mürtəza! Özgə aşiqlər əgərçi dil verər dildarına, Bu Xətai xəstə gör, yolunda qıldı can fəda. * * * Can olmaz isə, sən təki canan yetər mana Can olmaz isə, sən təki canan yetər mana, Vəslin bu xəstə könlümə dərman yetər mana. Hicrin cəfası eylə yıxıbdır bu könlümü, Hər şəb qapunda naləvü əfğan yetər mana. Zülmat içində abi-həyat istəməz könül, Lə’lin zülali çeşmeyi-heyvan yetər mana. Zahid, qoparma sən məni meyxanədən bu gün, Ruzi-əzəldə yar ilə peyman yetər mana. Gərçi, Xətayi, getdi əlindən vüsali-dust, Hər dəm xəyali-didəyə mehman yetər mana. * * * Daneyi-xalin görəndə mürği-dil pərvaz edər Daneyi-xalin görəndə mürği-dil pərvaz edər, Qeyb ikən ol dəmdə əsrari-məani baz edər. Dasitani-hüsnini, ey dust, dər fəsli-bahar, Guşeyi-gülşəndə, bülbül sübhdəm ağaz edər. Görmədi hərgiz günah ol şahi-xuban ah kim, Öyrənibdir kim mana hər ləhzə yüz min naz edər. Ey könül, qatlan vüsalın istər isən daima, Hər cəfalar kim, sana şol dilbəri-tənnaz edər. Ey Xətai, afərin qılmaq gərək idrakına, Böylə tər sözlər məgər kim, Sədiyi-Şiraz edər? * * * Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir, Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir. Növbahar oldu, gözüm istər cəmalın görməyə, Əzm edib gülşən saru, seyran edərsən, vəqtidir. Çox zamandır qönçətək bağrımnı pürxun eylədin, Ləblərini gül təki xəndan edərsən, vəqtidir. Zülməti-hicrin fəraqın çəkmişəm, dövranda çox, Vəslini bu könlümə mehman edərsən, vəqtidir. Xeyli vəqtdir kim, Xətai zülməti-hicran çəkir, Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir. * * * Dilbarə, canımda dərdin bir dəva nisbətlidir Dilbəra, canımda dərdin bir dəva nisbətlidir, Hər cəfa gəlsə mənə səndən, vəfa nisbətlidir. Bu cərahət cismimə oxun dəyəndə ün verür, Ol mənə, əhlən və səhlən mərhəba, nisbətlidir. Gər mənə nifrin edər düşmən, mən ondan ğəm yemən, Kim münafiqdən gələn qarğış, dua nisbətlidir! Abi-çeşmimdən xəyalın hər zaman əksilməsin, Kim, onun əksi gözümdə tutiya nisbətlidir. Eşq ilə laf etmə, ey miskin Xətai, əbsəm ol, Kim bu mənzildə səlatinlər gəda nisbəlidir. * * * Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox, Həm dəxi könlümdə iman səndən özgə kimsə yox. Hicr evində mən kiminlə həmdəm olum, ey sənəm, Könlümün şəhrində mehman səndən özgə kimsə yox. Xızr tək zülmətdə qaldım, bir mədəd qıl tanrıçün, Təşnə içün abi-heyvan səndən özgə kimsə yox. Hər nə kim, hökm eyləsən, eylə mənə, ey eşqi-yar, Könlümün təxtində sultan səndən özgə kimsə yox. Bu Xətai xəstənin vergil muradın, ya ilah, Kim, mənə lütf ilə ehsan səndən özgə kimsə yox. * * * Dilbəra, dildə sənin mehri-rüxün can kimidir Dilbəra, dildə sənin mehri-rüxün can kimidir, Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir. Baği-hüsnində boyun sərvi-xuraman dedilər, Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir. Taki səndən düşəli ayrı, əya ruhi-rəvan, Gözümün yaşı mənim qətreyi-baran kimidir. Ruyi-muyin görəli fürqəti-hicranda nə ğəm, Zülfü-ruyin sənəma, şəmi-şəbistan kimidir. Bu Xətai düşəli söhbəti-vəslindən iraq, Bağrı büryan kimiyü gözləri giryan kimidir. * * * Dilbəra, eşqi-rüxün daim bu can üstündədir Dilbəra, eşqi-rüxün daim bu can üstündədir, Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir. Şol münəvvər çöhrənin qatində kəmtər zərrədir, Gərçi xurşidin məqami asiman üstündədir. Eşqinə seyd olalı hər dəm bu canım qəsdinə, Qaşü gözün dilbəra, tirü kəman üstündədir. Gərçi derlər mahi-taban nur alur xurşiddən, Nuri-hüsnin afitabi kün-fəkan üstündədir. Dövləti-vəslin dilər miskin Xətai hər zaman, Xaki-payintək məqami asitan üstündədir. * * * Dilbəra, eşqin sənin cismimdə canım canıdır Dilbəra, eşqin sənin cismimdə canım canıdır, Vəsli rüxsarin xəyali könlümün mehmanıdır. Firqətin dövründə dilbər, xəstə canım oldu zar. Şərbəti-ləli-ləbin bu dərdimin dərmanıdır. Mehrü qəhrindən anın, aşüftə könlüm, ğəm yemə, Kim, mana cövrü cəfası lütfilə ehsanıdır. Zahida, vermə nəsihət eşqi tərk etgil, deyü Aşiqin allah bilir kim, sevgisi rəhmanıdır. Ey Xətai, cövrü qəhrindən cahanın incimə, Hər nə kim bəndə yoluna gəlsə həq fərmanıdır. * * * Dilbarə, eşqin tənimdə sevgili candır mana Dilbəra, eşqin tənimdə sevgili candır mana, Pərtövi-mehri-rüxun xurşidi-tabandır mana. Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam, Heç əlac etmən tələb, neyçün ki, dərmandır mana. Asitanın xakini vermən cəmii-aləmə, Hər ayağın torpağı mülki-Süleymandır mana. Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah, Zikri-eşqin dildə daim, virdi-Qurandır mana. Ey Xətai, xubların cövri vəfadır aşiqə, Firqəti, hicri nigarın lütfü ehsandır mana. * * * Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir, Bu yıxılmış könlümü abad qılsan, vəqtidir. Xeyli müddətdir ki, könlüm eşğlə viranədir, Şimdi ol viranəni abad qılsan, vəqtidir. Ey şəhi-lütfü kərəm, bir gəz, eşit fəryadimi, Bənd içindən bəndəni azad qılsan, vəqtidir. Firqətin dövrində çəkdim möhnətü cövrü cəfa. Şimdi vəslin yoluna irşad qılsan, vəqtidir. Çünki dərdi-eşqini olmaz nihan etmək onun, Ey Xətai, dərd ilən fəryad qılsın, vəqtidir. * * * Dilbarə, hicrin yarasinə ləbin mərhəm düşər Dilbəra, hicrin yarasinə ləbin mərhəm düşər, Ol dişin incusi tək dəryadə həm dür kəm düşər. Mən səninlə, dilbəra, bir əhdü peyman eyləsəm, Müddəilərnin içinə dəmbədəm matəm düşər. Yüzini eşq əhli gər görərsə ey xubi-Xötən, Onların könlündə ğəm qayğu gedər, xürrəm düşər. Aləmi gəzdim təmamət, görmədim hüsnin kimi, Dünyəni gəzsən xəmusin, eylə səntək kim düşər. Bu Xətainin kəlamini eşitsə hər zaman, Ol Xötənlə Çin eli hər dəmbədəm bərhəm düşər. * * * Dilbəra, hüsnini sane afitab etmiş durur Dilbəra, hüsnini sane afitab etmiş durur, Bilməzəm neçün gözümdən dər hicab etmiş durur. Gəl, xumarəm, yaz məni vəslin meyindən, ey pəri. Şol şərabın həsrəti bağrım kəbab etmiş durur, Ta yaman göz dəyməyə, ey mah, hüsnin bağına, Həqtaala zülfini pərri-ğürab etmiş durur. Hafizi-Quran təki, aşiqlər əzbər qılmağa, Həq cəmalın ayəti ümmülkitab etmiş durur. Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncini, Gərçi ol viranəyi hicrin xərab etmiş durur. Ey məhi-namehriban, sorma Xətai halını, Firqətin ol xəstəyi təhti-turab etmiş durur. * * * Dilbəra, mehrin əzəldən sidqilə canımda var Dilbəra, mehrin əzəldən sidqilə canımda var, Ondan özgə kimsə yoxdur, həm bilür pərvərdigar. Bu fəna darində əhli-zövqilən qılgil səfa, Mülkü malü təxtü cah olmaz cahanda payidar. Sayeyi-qəddində gərçi yer yüzü buldu şərəf, Sayibani-rüfətindən nöh fələk dutmuş qərar. Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn, Sahibi-fəzlü kəmalü izzəti-baiftixar. Arif isən qoymagil əldən həqiqət mənzilin, Aqil isən dünyəyi-ğəddarə vermə ixtiyar. Nəzmi-əşarın Xətai, hər biri dürdanədir, Söyləgil ta şahların guşində olsun guşivar. * * * Dilbarə, ol ay yüzün xyrşidi-tabandır mana Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana, Bağçan içindən axan su, abi-heyvandır mana. Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana, Ruy ilə zülfi anın, küfrilə imandır mana. Müddəilər tənəsindən sanmanız kim, mən dönəm, Ol mənim canım içində cani-canandır mana. Mən səninlə söyləşəndə gər zimistan, gər bahar, Hər nə çağ görsəm səni, aləm gülüstandır mana. Ey Xətai, çün sənə həqdən nəzərdir hər zaman, Eşqin ilə bu həyatım baği-rizvandır mana. * * * Dilbəra, səncəliyən billah ki, yarım yox durur Dilbəra, səncəliyən billah ki, yarım yox durur, Bir saat sənsiz mənim səbri qərarım yox durur. Düşmüşəm eşqin ğəminə, yet mənim fəryadıma, Səndən özgə hiç kimsə ğəmküsarım yox durur. Ayrılıq, billah! Sorman mən səni ey dilrüba, Ta təmami sevmişəm, busü kənarım yox durur. Gər məni öldürsələr, sən eylə bilgil, ey nigar, Bu məhəbbət ətəgin əldən qoyarım yox durur. Aqil aydır: ey Xətai, ixtiyar əldən qoma, Aşiqəm bir dərd əlində ixtiyarım yox durur! * * * Dilbarə, şəmsüz-zühadür şöleyi-rüsxariniz Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz, Ayəti-Tahavü Yasin surəti-didariniz. Qamətin Tuba durur, Nun vəlqələmdir qaşların, "Hazihi-cənnatü ədnin" ləli-şəkərbariniz. Surəyi-Vəlleyl zülfin, gözlərin "nəmülbəsər", Leyk "sübhanəlləzi, əsra" durur əsrariniz. Sureyi-Təviz oxurmən, dəmbədəm ixlas ilən, Ta ki, hüsnini bəladən saxlasun cəbbariniz. "Qüll-kəfa" billah-durur, zikri Xətai xəstənin, Həq bilür kim, "sümmə vəchüllah"dir, didarınız. * * * Diyari-eşqə sultanəm, dila mən də zəmanimdə Diyari-eşqə sultanəm, dila mən də zəmanimdə, Vəzirimdir ğəmü ğüssə oturmuş iki yanimdə. Ferağü atəşü dərdü ələmlər bağnmı yaxdi, İlikler qarə su oldu, əridi üstixanimdə. Mən ol canbazi-sərbazəm, fələk fövqindədir darim, Neçə Həllac Mənsuri yürütdüm risimanimdə. Mən ol şəhbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafe, Neçə enqa kimi yavnı uçurdum aşiyanimdə. Həmən əl arxası yerdə, cahamn padişahidir, Xötai həp keçən sərdən, qədəm qoyan nişanım ə. * * * Dodağın qənd imiş, bal onda neylər Dodağın qənd imiş, bal onda neylər? Nə nazik xətt imiş, xal onda neylər? Əlifə nisbət etdim qəddü dalın, Əlif üstə, əlif, dal onda neylər? O zahid geydiyi sufü sütürlat, Fəqirin geydiyi şal onda neylər? Kimi kim, mali-mülki gənci yoxdur, Geniç mülk olmayan mal, onda neylər? Xətai qal evindən halə yetdi, Bu bir hal evidir, qal onda neylər? * * * Du zülfündən mənə bir mu gərəkdir Du zülfündən mənə bir mu gərəkdir, Sənin vəslindən ancaq bu gərəkdir, Könüldən getməz ol çeşmin xəyalı, Bəli, Məcnunlara ahu gərəkdir. Cəfavü cövrinizdən inciməz dil, Ki, xublar daima bədxu gərəkdir. Gözüm yaşın tökər mən ayağına, Bəli, sərv ayağında su gərəkdir. Xətai sözlərin səm etsün ol ay, Ki, xublar guşinə lölö gərəkdir. * * * Dust yolunda həlal olsun dila, qeyrət sana Dust yolunda həlal olsun dila, qeyrət sana, Qeyridən bir zərrə minnət çəkmədən rəHmət sana. Ol sənəm əzmi-səfər etdi, könül, əylənmə kim, Bir nəfəs didar gör kim, qalmaya həsrət sana. Ey dilü din, siz çıxın evdən ki, dildarım gəlür, Sən də ey can, durma kim, biz vermişiz rüxsət sana. Çareyi-behbudimi sordum müalicdən, dedi, Dərd dərdi-eşqisə mümkün deyil səhhət sana. Ey Xətai, sən şəhidi-qəmzeyi-dildarsən, Həşrdə rəşk aparır yetmiş iki millət sana! * * * Eşq meydanında hər kim can ilən baş oynadır Eşq meydanında hər kim can ilən baş oynadır, Yar önündə qəmzədir, kiprigilən qaş oynadır. Şahi-mərdanın yolunda çox kişi vardır, vəli, Afərin ol başə kim, min başə bir baş oynadır. Şah qatında məhrəm olub, canü başından keçər, Sanma kim yarı önündə dəgmə fərraş oynadır. Dün mənimlən rubəru buldu nigar, öldü rəqib, Gözlərilən çox işarətlər qılur qaş oynadır. Ey Xətai, qəm yemə, çün düşmənin oldu yüküş, Müddəi daim iraqdan kərpücü daş oynadır. * * * Eşqin ey dilbər, könül təxtində şah olmuş durur Eşqin ey dilbər, könül təxtində şah olmuş durur, Surətin can mülkinə xurşidü mah olmuş durur. Eşqini könlümdə mən dəxi neçün pünhan edim, Ruyi-zərdim, əşgi-sürxim çün güvah olmuş durur. Müddəilərdən dəxi cana nə fikrim var mənim, Bəndəyə çün sən kimi sultan pənah olmuş durur. Bağçada hüsnün gülünü bülbüli-şeyda görüb, Axdı yaşı danə-danə bənzi kah olmuş durub. Hüsnini hər kim ki, gördü valehü heyran olub, İşi onun dünyada fəryadü ah olmuş durur. Çün cəmalın gördü düşmən, qılmadın anə nigah, Müddəilərnin məqami bəndü çah olmuş durur. Bu Xətai yüzüni ta gördü ey, xubi-Xötən, Ol Xətavü Hind elində padşah olmuş durur. * * * Eşqiniz cana, bu könlüm təxtinə sultan durur Eşqiniz cana, bu könlüm təxtinə sultan durur, Bu vücudum mülkinə xeyli xəyalın can durur. Ta görübmən hüsnini, ey göhəri-yekta sənəm, Bir gözüm Qülzim misali, bir gözüm Ümman durur. Ruzi-şəb bəs kim, qılur, bülbül fəğanü zarlıq, Ta gülüstanda yüzüntək bir güli-xəndan durur. Əhli-taət, bəski zikr eylər sifati-hüsnini, Bildi ki, yüzün sifati ayəti-Quran durur. Dünyanın varu yoxundan ey Xətai, ğəm yemə, Saxlayan daim səni şol sayeyi-sübhan durur. * * * Ey bəndə, gər cəhanda pənahın ilah ola Ey bəndə, gər cəhanda pənahın ilah ola, Kəmtər qulun məqamı sənin padişah ola. Aşiq odur ki, dəvi edərsə bu sözünə, Qanlı yaşilə çöhreyi-zərdi güvah ola. Mehrabi var o zahidin, amma ki, aşiqə, Məşuqinin əyaği izi, qibləgah ola. Bədxahım ola cümlə-cahan çəkməzəm məlal, Çün ol sənəm mənimlən əgər nikxah ola. Başdan-ayağa bəndə Xətai xətalidir, Zahid, xaçan ki, xubları sevmək günah ola? * * * Ey cəmalın gülsitani baği-minudur mana Ey cəmalın gülsitani baği-minudur mana, Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana. Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan, Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana. Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm, Bu cəfalərni qılan ol yari-məhrudur mana. Gecələr ta sübh olunca uyxu gəlməz eynimə, Ta xəyalın daima çeşmimdə qarşudur mana. Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm, Xancaru baxsam, gözümdə yer yüzü sudur mana. * * * Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs, Olmasın eşqindən ayru təndə canım bir nəfəs. Ey pəri, hərdəm nigəhban qapuna hacət degil, Kim yetər küyində hər şəb naləvü ahim cərəs. Neylərəm eşqindən ayru dünyənin ləzzatini, Kim hüzuri-dil ğəmi-mehrin mənim könlümdə bəs. Çün əzəldən eşqiniz canımda həqdəndir nəsib, Həq bilür kim, ta əbəd könlümdə vardır ol həvəs. Ey Xətai, ğəm yemə, hər sözdə şükr et xaliqə, Çün sana hər işdə daim həqqdir fəryadrəs. * * * Ey fələk, dövründə neyçün ol nigar əldən gedər Ey fələk, dövründə neyçün ol nigar əldən gedər, Qanım ilən əllərin qılmış nigar, əldən gedər. Dün dedi zahid mana: "neyçün könül verdin ona?" Neyləyim, görgəc yüzünü ixtiyar əldən gedər. Bülbüla, gül dövridir, əfğan edər çox mürği zar, Nalə qıl, oturma, vəqti-mürğizar əldən gedər. Ey könül, hicran ilən ömrün tükənsə ğəm yemə, Neylərəm ömri-əzizi, çünki yar əldən gedər. Ey Xətai, çünki yarın eylədi əzmi-səfər. Rüzü şəb ah et ki, yari-qəmküsar əldən gedər. * * * Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər, Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər. Nalələr kim, gecələr ta sübh olunca eylərəm, Qorxuram hicrindən anun razi-pünhanım açər. Necə sərxoş olmasun dövrindən anun dilbərim, Nərkizi-məstaniniz kim, su kimi qanım içər. Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi, Eylə Məcnunəm ki, Məcnun görsə həm məndən qaçər. Çox yaşagil, çün mənə yar olmadın, ey səngdil, Bu Xətai oldu qəhrindən sənin zirü zəbər. * * * Ey həq əhli, sən sənin cismində beytullahi gör Ey həq əhli, sən sənin cismində beytullahi gör, Xancarü əzm eyləsən lövhində ərşüllahi gör. Adəmin şənində, kərrəmna, dedi nitqi-ilah, Əhli-mənasan, həqiqət sümmə vəchüllahi gör. Zakirəm, zikr eylərəm könlümdə özgə kimsə yox, Natiqəm, nitqi-hidayət gəl həbibullahi gör. Hazihi-cənnatiədnin dəftərin şərh eyləyən, İblis olma, gəl sücud eylə, bu babüllahi gör. Lövhi-məfhuzin Xətai əbcədin qıldı bəyan, Div deyilsən, xatəmin xətmində Fəzlüllahı gör. * * * Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir, Ol səbəbdən aşiqin daim yeri meyxanədir. Necə ğəvvas olmayım, yaşımda kim, ol dilbərin, Ləbləri ləli-Bədəxşan, dişləri dürdanədir. Vermərəm dünyavü üqba dövlətinə eşqini, Dünyəvü üqba mənə bir yanə, ol bir yanədir. Sanma ey çeşmim, sənə biganədən ümmid ola, Gör nələr qıldı könül, kim, həmdəmü həmxanədir. Bu Xətaini rəha qılmaz saçın zənciridən, Sanma kim, uslandı ol miskin, hənuz divanədir. * * * Ey könül, hər mənisiz cahili yar etmək nədir? Ey könül, hər mənisiz cahili yar etmək nədir? Mənisiz cahil sözünə etibar etmək nədir? Çün onun qövli xətadır, həm qərarı bivəfa, Ey könül, naəhl ilə qövlü qərar etmək nədir? Əhli-həqqə can fəda qıl, cəhl ilə olma rəfiq, Çün ənadil var ikən zaği şikar etmək nədir? Xanda kim, hər əhli-ürfan görsən olgil xaki-pa, Ey könül, naəhl olub andan kənar etmək nədir? Bir neçə gün yar olub, bir kimsənin halın duyub, Sonra anın gizli sirrin aşikar etmək nədir? Hər kim öz eybi ilə sübhaninə dutmuş yüzün, Kimsənin eybin açıban şərməsar etmək nədir? Ey Xətai, qıl fəda canın vəfalı yar üçün, Hər vəfasız, bivəfa kimsəni yar etmək nədir? Ey sənin yüzinə baxdıq, qutlu oldu mahimiz, Nə əcəb surət yaratdı sünilə allahimiz. Çün irişdim yüzinə, buldum siratəlmüstəqim, Abi-heyvanə irişdi, vardığınca rahimiz. Dün sağınur kim ki, görsə zülfinin şəbrəngini, Kim qarayə boyayıbdır anu dudi-ahimiz. Xızri-cavidan əlindən içmişüz abi-həyat, İsayi-Məryəm qatında qurmuşuz xərgahimiz. Kəbəyi-vəslinə verdim canımı qurban, dedim, Hacı oldum, qan tökərəm, xanı qurbangahimiz? Qaşların taqini gördüm, qibləgahım eylədim, Çün əyağın torpağında oldu mənzilgahimiz. Bu Xətai, Kəbəyi-eşqinə ehram bağladı, Ol saatda ərşə çıxdı zikri illəllahimiz. * * * Ey könül, hərcai yari ixtiyar etmək nədir? Ey könül, hərcai yari ixtiyar etmək nədir? Yari-hərcai sözünə etibar etmək nədir? Güli-xoşbu var ikən, əlim tikanə sürtməzəm, Kəbki-rəna var ikən, zaği şikar etmək nədir? Dəgmə bir cahil nigarın cövrini çəkmək nədən, Kərrə bir nakəs ilə qövlü qərar etmək nədir? Ahu gözlü bir sənəm aslanları seyd eyləmiş, Ey müsəlman, ahular şiri şikar etmək nədir? Ey Xətai, sirrini sən dəgmə yerdə söyləmə, Sirri aşiq dəgmə yerdə aşikar etmək nədir? * * * Ey könül, ol mənisiz cahili yar etməkmolur Ey könül, ol mənisiz cahili yar etməkmolur, Mənisiz cahil sözünə etibar etməkmolur. Həm onun qovli xətadır, həm qərari bivəfa, Öylə bir bədnam ilə qövlü qərar etməkmolur. Xakpayi əhli-dil ol, olmagil cəhlə rəfiq, Çün əbabil var ikən zaği şikar etməkmolur. Cəhlini ürfan edəndə xaki pay olgil ona, Əhli söhbət görəcək ondan kənar etməkmolur. Hər kəs öz eybilə səttarına tutmuşdur yüzün, Sən onun eybini açıb, şərmsar etməkmolur. Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutub, Sən onun gizlicə sirrin aşikar etməkmolur. Ey Xətai, can fəda qıl bir vəfalı yar içün, Hər vəfasız bivəfanı ixtiyar etməkmolur. * * * Ey könül, sidqilə hər kim şah ilə yoldaş ola Ey könül, sidqilə hər kim şah ilə yoldaş ola, Yüz gərək döndərməyə hər necə kim, yoldaş ola. Yolu gər daş ola, gər yay ola, gər oxü qılınc, Mürşidindən dönənin mənidə ismi laş ola. Qul gərək tanıda öz doğruluğun həq yoluna, Etiqaddan azmaya gər bayü gər qəllaş ola. Ey könül, cəhd eylə gəl, doğru yola gör şahı sən, Aqibət qəlbi çıxar hər kimsə kim, qəllaş ola. Ey Xətai, sidqilə bu şah əyağinə gələn, Aqibət bir gün gümansız xəlq içində baş ola. * * * Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur, Su kənarində sənəm, sərvi-rəvan olmuş durur. Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün, Ol büti-namehribanım, mehriban olmuş durur. Şərh edəndən bərlü şirin ləblərin ovsafini, Mürği-canım tutiyi-şirinzəban olmuş durur. Gərçi düşmən tənəsindən çox cəfa çəkdim, vəli, Şükr kim, işim bekami-dustan olmuş durur. Döşədi yüz dürlü xali bəzm üçün fərraşi-sün; Saqiya, gəl kim, cəhan baği-cinan olmuş durur. Simü zərdən şaxlər doldurdu dəstü damənin, Məclisi-şabaş üçün göhərfəşan olmuş durur. Uğraşanda ta ki, eşqin zərrə qılur dağları, Bu Xətai xəstə andan natəvan olmuş durur. * * * Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər, Sən bu işdə qılma təqsir, ixtiyar əldən gedər. İlbə-il, saətbə-saət xoş keçir, gün yarilə, Həftə-həftə, günbə-gün ol ruzigar əldən gedər. İşrətü zövqü səfayə ey könül, şad ol müdam, Eyş nihan olur görünməz, aşikar əldən gedər. Aşinayi tərk edübən, yada can vermə könül, Yad ilə biliş olunca aşna, yar əldən gedər. Ey Xətai, qoyma yarın damənin əldən müdam, Kim ki, işin süst dytar hər nə ki, var əldən gedər. Ləblərin yadi ilə didələrim qan doludur, Ağlamaqdan ətəyim ləl ilə mərcan doludur. Səri-kuyində nə ğəm nalə qılırsa dilü can, Yüzü gül, gülşən ara, bülbüli-xoşxan doludur. Kimə şikvə edəyim, sən qaşı yayın oxudan? Hər yana sancıla, sinəmdə bu peykan doludur. Buyi-zülfin gətirir yadinə badi-səhəri, Canü dil bağçasıda müşk ilə reyhan doludur. Ey Xətai, özünü xak edə gör, pak olasan, Mənlik etmə ki, cahan əhlinə ürfan doludur. * * * Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır (Ayrılır qəzəli) Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır, Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır. Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni, Səd həzaran dadü-bidad, bədəndən can ayrılır. Ey könül, fəryadü-nalə vaxtıdır, eylə fəğan, Şimdi şəhrindən sənin ol şahi-sultan ayrılır. Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, Şol əzəldən yari-həmdəm, əhdü-peyman ayrılır. Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdir bu gün, Tök sədəflər dürri kim, şol gövhəri-kan ayrılır. Dust vida eylər mənimlən ağlaram mən zar-zar, Gözlərimdən hər zaman gör Bəhri-Ümman ayrılır. Ey Xətai, Tanrı sorsun bu şikəstə könlümü, Zərd olubdur arizin, candan məgər qan ayrılır? * * * Ey pəri, hüsnin sənin cahi-cahandan yaxşıdır Ey pəri, hüsnin sənin cani-cahandan yaxşıdır, Bəlkə, ancaq can deyil, canü cahandan yaxşıdır. Gərçi Yəqubi zəif etdi fəraqi Yusifin, Zəf içində ol dəxi mən natəvandan yaxşıdır. Öyməyin mahi-fələyin pərtövi-rüxsarini, Ol pərinin hüsnü mahi-asimandan yaxşıdır. Aşiqi viranədən mən etmə, ey əql əhli, kim, Xəstədil Məcnunə səhra xanumandan yaxşıdır. Bu Xətai cu kənarında nə baxsın sərvə kim, Qəddi-dilcuyi onun sərvi-rəvandan yaxşıdır. * * * Ey sənəm, eşqində hərdəm bu könül bimardır Ey sənəm, eşqində hərdəm bu könül bimardir, Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir. Dün dedi həmdəm mənə: "kimdir sənin könlün alan?" Mən dedim: "bilməzmisən ol gözləri xunxaridir". Nə əcəb yüz üstə ol zülfin yatursa hər zaman, Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardir. Möhnəti-hicran əlindən ey sənəm, ğəm çəkmənəm, Dərdi-eşqin, ey pəri, hərdəm mənə ğəmxardir. Necə tərk, etsin Xətai kuyiniznin vəsfini, Kim, şikəstə bülbülün daim yeri gülzardir. * * * Ey sənəm, neyçün sənin vədən xilaf olmuş durur Ey sənəm, neyçün sənin vədən xilaf olmuş durur? Mehrin az olmuş, vəli, qəhrin kəzaf olmuş durur? Könlümü eşqin ayıtdı, kim, xilas olmaz müdam. Aləmə ondan ki, əmri "nunü kaf" olmuş durur. Surətin Əlhəmdurur, vəsfi-cəmalın Vəzzüha, Çün sifatın sureyi-Quranda Qaf olmuş durur. Abi-kövsərdir dodağın, baği-cənnətdir yüzün, Kim mənə ləlin şərabi cami-saf olmuş durur. Mən neçün hicrində vəslin ləzzətindən kam alam, Vəslin ilən hicrinin işi məsaf olmuş durur. Ey könül, qıldın səfər, əzmi-təvəkkül pişə qıl, Kim pənah etmək bizə, həqdən kifaf olmuş durur. Cövrü qəhrinin yolundan ey Xətai, dönməgil, Gər məqami ol pərinin kuhi-Qaf olmuş durur. * * * Eylədim bünyad əvvəl bəndə az nami-xuda Eylədim bünyad əvvəl bəndə əz nami-xuda, Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza. Aciz olma ey könül, münkir gərəkməz əhli-dil, Həqtəala buyruğudur mur əlində əjdaha. Eylə sultandır ki, yoxdur mislü həm həmta ona, Buyruğundan kim, onun çıxmaz şəhü mirü gəda. Kim ki, həqqə münkir oldu qoy cəzasıdır onun, Zərrəcə rəhm etməgil sən ta kim, ol halın duya. İt rəqiblər tənə edərsə Xətai, həqqə sal, Olma qəmgin kim, sana qıldığını həqdən tapa. * * * Əhli-həyatə söylərəm, ey həyyi-laməmat Əhli-həyatə söylərəm, ey həyyi-laməmat, Fani cahanda kimsəyə munis deyil həyat. Baqidir ol ki, derlər ani vacibəlvücud, Fərmandır ana mümtənat ilə mümkinat. Can bəxş edər, məmatə ləbin, ey məsihi-dəm, İsalərin əcəbmi dəmindən bu möcüzat. Şətrənc dəhr içindəki at oynadan hani? Təqdir beydəqi anı bir dəmdə qıldı mat. Çün qul olan qapında görər qədr səltənət, Bir qulunam ki, vermişəm ol qədr içün bərat. Yetməz Xətai zikri-ilahın nüfusinə. Bir zat imiş ki, irməz ona zatilən sifat. Sərxoşi-cami-ələstəm, ta əbəd hüşyar məst, Məsti-Layəqəl gəzər, mən şəhr içində ar məst, Sordular məndən ki, neyçün bidil oldun, mən dedim; Ol səbəbdən bidil oldum, dilbərü dildar məst. Həqqinə aşiq olanlar cana şirin qalmasın, Didara müştaq olanlar, qibləsi didar-məst. Hər qəmişdən şəkkər olmaz, hər tikəndən tazə gül, Hər keyikin göbəyindən nafəyi-tatar məst. Adəmi oldur ki, onda lütfü hüsnü xülq ola, Adəmi demə ona kim, cübbəvü dəstar məst. Daima istər Xətai, şah cəmalın görməgə, Şol gədayi-alihümmət talibi-didar məst. * * * Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur Ənbərin, zülfinmidir, ya müşki-tatarın durur, Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur. Hər səhərgəh aləmü afaqı pürnur eyləyən, Gün dəgil, ey dilbərim, ol hüsni-didarın durur. Ruzi-məhşər qoparan cana, qiyamət qamətin, Fitnələr zahir qılan ol çeşmi-məkkarın durur. Tuba kim, derlər, cahanda qəddi-rəftarındir ol, Baği-rizvan kim, deyirlər ruyi-gülzarın durur. Dünyəvü üqbadə hərgiz ğəm yemə əğyardən, Ey Xətai, çün sənin lütfi-xuda yarın durur. * * * Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd! Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd! Ərzi-halım sən bilirsən dinü imanım, mədəd! Şərmisarəm, pürgünahəm sən bağışla, ya kərim, Cümlələrni yarlığayın kamil ehsanım, mədəd! Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib, Ey həqiqət aləmində incə ərkanım, mədəd! Bu əlimdir daməniniz ya Əli yül-Mürtəza, Buyi-vəslindir sənin hər dərdə dərmanım, mədəd! Hər yana əzm eylər olsan sureyi-Fəth oldu fəth, Açılar bağlı qapı dövlətli dərbanım, mədəd! Bu Xətainin günahın sən gətirmə yüzinə, Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanim, mədəd! * * * Əya gül yüzlü, çöhrən ayə bənzər! Əya gül yüzlü, çöhrən ayə bənzər! Boyun bir sərvi-xoşbalayə bənzər! Xədəngi-can fədadır qəmzən ey dust, Qaşın üstə qurulmuş yayə bənzər. Cahanda bülbül olsam mən əcəbmi? Sənin yüzün güli-həmrayə bənzər! Məlayik, hurinin gər hüsni xubdur, Yüzün andan dəxi zibayə bənzər. Süfatın oxusa gülşəndə mütrib, Könül fəryadı cəngü nayə bənzər. Xətai, dilbərindir huri-rizvan, Otağı cənnətül-məvayə bənzər. * * * Əz qeylü qal mədrəsə xoşdur ki, olsa dur Əz qeylü qal mədrəsə xoşdur ki, olsa dur, Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur. Meyxanə küncün istə, deyər, saqiyi-lətif, Öz vəhdətində ol ki, çü allah imiş qəfur. Əfsanə sözlü vaizi görsən məlamət et, Ta xəlq içində eyləməyə razini zühur. Bulsun bu malü mülkü və gər hiç bulmasın, Neyçün ki, vəsl yardır ancaq mana zərür. Səndən Xətai mehrü vəfa iltimas edər, Yarəb, müradi aşiqi-biçarənin budur! * * * Əzəldən şah bizim sultanımızdır Əzəldən şah bizim sultanımızdır, Pirimiz, mürşidimiz, xanımızdır. Şaha qurban gətirdik biz bu canı, Şahın sözü bizim imanımızdır. Həsudə yoxdurur, yalançıya mərg Ki, gerçək söhbəti bürhanımızdır. Şahı həqq deyibən girdik bu yola, Hüseyniyüz, bu gün dövranımızdır. Biz imam qullarıyüz sadiqanə, Şəhidlik, qazilik nişanımızdır. Yolumuz incədir, incədən-incə Bu yolda baş verək, ərkanımızdır. Xətaiyəm, məvali, sirri-Heydər, Şahı həq bilməyən düşmanımızdır. * * * Əzəldən ta əbəd heydər gəlübdür Əzəldən ta əbəd heydər gəlübdür, Adam övladına sərvər gəlübdür. Əli şiri-xudadur şahi-mərdan, Məhəmməd həqqə peyqəmbər gəlübdür. Aşiqlər qibləsi yüzündür, ey dust, Qaşın mehrabına mənbər gəlübdür. Ki həqdən Zülfüqar oldu Əliyə, Əli qulluğuna Qənbər gəlübdür. Əli xişm ilə doğradı bu cəhli, Xəmirtək dəstinə Xeybər gəlübdür. Ala gözlər mənim imanım aldı, İki zülfün yenə ənbər gəlübdür. Suyi-heyvan üçün zülmat içində, Xətai Xızrü İskəndər gəlübdür. * * * Fələknin gərdişindən dadü fəryad Fələknin gərdişindən dadü fəryad, Məni ayırdı səndən dadü fəryad. Məni yardan ayırdı bu zəmanə, Zəmanə gərdişindən dadü fəryad. Mənim iki cəhanım sevgili şah, Səni sevməkdiyindən dadü fəryad! Yaxam yırtım gedim əğyar əlindən, Bu rəhmi yox dilindən dadü fəryad. Necə biçarəvü büryan olubdur, Xətai, yar əlindən dadü fəryad! * * * Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə , Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mənə . Bunca gəldim, mən gədayə heç inayət qılmadın, Eşigində qaldığım dəsti-dua qaldı mənə. Müjdə gəldi dilstanimdən ki, qətl oldu rəqib, Şükr kim, biganə getdi, aşina qaldı manə . Anca kövkəb kimi, yaş tökdi, gəmindən gözlərim, Yer ilə, gök ilə keyvan həm, baxa qaldı mənə . Ey Xətai, zülfi tək arındı yüzdən Zəngbar, Dilbəri-Çinü Xötən, xubi-Xəta qaldı mənə. Can olmaz isə, sən təki canan yetər mənə, Vəslin bu xəstə könlümə dərman yetər mənə. Hicrin cəfası eylə yıxıbdır bu könlümü, Hər şəb qapunda naləvü əfğan yetər mənə . Zülmət içində abi-həyat istəməz könül, Ləlin zülali çeşmeyi-heyvan yetər mənə. Zahid, qoparma sən məni meyxanədən bu gün, Ruzi-əzəldə yar ilə peyman yetər mana. Gərçi, Xətai, getdi əlindən visali-dust, Hərdəm xəyali-didəyə mehman yetər mana. * * * Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana, Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana. Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim, Mülki-fani sanmagil, kim nə sana qaldı, mana. Ta kim, ol xurşidrux getdi gözümdən su təki, Göz yaşım onun üzündən aşina qaldı mana. Sən gedəndən bərlü anca zarü əfğan etmişəm, Yerü gög, insü mələk cümlə baxa qaldı mana. Dilbərin getdi, Xətai, sən nedirsən dünyanı? Çünki can getdi, bu tən, yarəb, niyə qaldı mana! Hərdəm ğəmində naləvü ahim yetər mana, Dünya yüzündə ol yüzi-mahim yetər-mana. Isbat qılmışam ruxi-zərd, əşki-sürximi, Dəviyi-eşqə böylə güvahim yetər mana. Aləm xəlayiqi mənə cümlə həsud ola. Ol asitanın iti pənahim yetər mana. Zahid, ögünmə, taleyi-sədəm, deyib yüküş, Sən var işinə bəxti-siyahim yetər mana. Kəsmə ümidi-rəhməti həqdən, Xətai, sən, Cümlə xətadə lütfi-ilahim yetər mana. * * * Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər, Bil ki, sən getsən yanımdan təndə can əldən gedər. Qayib oldu gül yüzün çeşmindən, ey ruhi-rəvan, Qorxaram ki, sünbüli-ənbərfişan əldən gedər. Candan oldum, ey pərivəş, möhnətindən tanrıçün, Qıl tərəhhüm ki, bu cismi-natəvan əldən gedər. Ahim odundan kim oldu yerü göy zirü zəbər, Ehtiyat et ki, zəminü asiman əldən gedər. Mən yaman etsəm neçə, sən yaxşılıq qıl, ey əziz, Nəsnə qalmaz dünyədə, yaxşı-yaman əldən gedər. Basmadın hər yerə kim bir dəm qədəm tutmaz qərar, Məskən eylə, çün müşərrəfdir məkan əldən gedər. Bu Xətai, ey sənəm, bir dəm cəmalın görməsə, Taqət etməz də kim ol ruhi-rəvan əldən gedər. * * * Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir, Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir. Əli oldur ki, cənnətdə olubdur saqiyi-kövsər, Budur saqi, budur cənnət, şərabi abi-kövsərdir. Əlində badeyi-gülrəng, içər ğazilərin şahı, Nə hacət nəql üçün şəkkər sözün qəndi-mükərrərdir. Şücaət bu, vilayət bu, mürüvvət bu, kəramət bu, Əlini görməyən xasir Yezidü gəbrü kafərdir. Hədisi-vəzi-Qurandan, nə buldun gəl, gəl ey zahid, Kəlamın ismi Qurandır, hədis allahü əkbərdir. Siratin körpüsün keçdim, əməl mizanını çəkdim, Bu yoldan azənin, billah, məqamı nari-məhşərdir. Xəta ilən Xötən mülki, şaha fəth oldu Çin böylə, Ki, məclis nafeyi-mişkin sərasər mişki-ənbərdir. Əya mehrab edən daşı, həqiqət məzhəbindən kim, Nigarın gözləri-qaşi mana mehrabü mənbərdir. Behişt istərsən, ey zahid, biya dər məclisi-rindan, Həqin didarı ey aşiq, nə cənnatə müyəssərdir. Əgər nazirsən ey talib, həqi insanda gör, getmə. Mübarək xacəmin vəchi həqin nurində məzhərdir. Xətainin deyil həqqi, şaha qulam deyə bilmək, Əgər xidmət qəbul olsa onun, mövlası Qənbərdir. * * * Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir, Ta olasan afəti-dövri-zaman üç gündə bir. Mən səni çoxdan sevərdim, bilməmişsən, ey pəri, Öldürür aşiqini verməz aman üç gündə bir. Çar əbru dilbəri sevdim, ğərəz qucmaq dəgil, Mərhaba etsin bizimlə tək haman üç gündə bir. İki cahan hörmət içün sufi gəlsin can ilə, İçəlim ləli-şərabi-ərğəvan üç gündə bir. Ey günəş yüzlü, yüzün göstər Xətai bəndənə, Nur ilə dolsun zəminü asiman üç gündə bir. * * * Gəldi sürahi məclisə, rəf eyləmiş niqab Gəldi sürahi məclisə, rəf eyləmiş niqab, Nur eylədi bu məclisi-zərrinpər afitab. Manəndi-cami-Xızr nəbidir misal ilən, Abi-həyat içindəki can bəxş edən şərab. Qül-qül deyər mütariyə, yəni di gəl, di gəl, Baş endirir piyaləyə kim, qılma ictinab. Məşuqi-sərvqamətü məhbubi-simtən, Tavusi-rovzə cilvə qılır, çıxmış əz-hicab, İçmiş şərabi-ləl çü sərxoş öpər əyağ, Nəql eyləməkdə canü cigərdən dilər kəbəb. Ayineyi-Sikəndərü həm cami-Cəm budur, İzhar edər cahani, qılur şeyxi çün şəbab. Hər yerdə kim, otura Xətai, o hurivəş, Göydə məlayik oxuyə: "ya leytəni turab". * * * Gərçi gün xoşdur, vəli rüsxarın ondan yaxşıdır Gərçi gün xoşdur, vəli rüxsarın ondan yaxşıdır, Ay dəxi taban durur, didarın ondan yaxşıdır. Nafeyi-müşki-Xütən gərçi müəttərdir, vəli, Ey sənəm, ol xali-ənbərbarın ondan yaxşıdır. Nəqşi-tavus istəmən ondan camalın yey durur, Ləfzi-tuti dinləmən göftarın ondan yaxşıdır. İstəmən firdövs bağinin güli-xoşbusini, Dünya bağında güli-rüxsarın ondan yaxşıdır. Bu Xətai qatinə kim, qıldılar tərifi-müşk, Çin-bəçin ol zülfi-müşkinbarın ondan yaxşıdır. * * * Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir, Manəndi yoxdur hüsninin qiymətli bir dürdanədir. Pənd nəsihət tutmadın, neyçün könül verdin ona, Billah cəzadır, ey könül, hicran oduna yanədir. Yüzün çü mahi-bədrdir, yeldası zülfin sayəsi, Məst aşiqləri eyləyən ləli-ləbin peymanədir. Yüz göstəribən aləmə, neyçün açırsan vəchini, Dilbər yüzü fitnə deyil, sor ey könül, aya nədir? Ol dilbərin rüxsarına, verdi Xətai könlünü, Ah ilə tab oldu işim ol şəminə pərvanədir. Könül, şad ol ki, canan gəldi, derlər, Bu mürdə cisminə can gəldi, derlər. Şikayət eyləmə sən hicr əlindən, Sənin dərdinə dərman gəldi derlər. Bu zülmət cövrini çox çəkdi bülbül, Bahar irdi gülüstan gəldi, derlər. Qarınca bağladı bel xidmətinə, Əsən yellər Süleyman gəldi, derlər. Xətai, can fəda dustun yoluna, Bu gün dust sanə mehman gəldi, derlər. * * * Görəli ol mah yüzün, başıma yüz sövda düşər Görəli ol mah yüzün, başıma yüz sövda düşər, Rüxlərin manəndi ancaq bir güli-həmra düşər. Ey könül, əql əhli isən, sevmə xublar yüzini, Xubların dərdinə ancaq bu dili-şeyda düşər. Ey sənəm, xublar içində sən düşübsən sərfəraz, Eylə kim, bağ içrə rəna sərvi-xoş bala düşər. Heyf ola çeşmini cana, nərgizə nisbət qılım, Xansı nərgiz gözlərintək məstü həm şəhla düşər? Necə olmasın Xətai eşq ilən divanə kim, Könlünə hərdəm sənintək bir pərisima düşər. * * * Hali-dilimni bəndədən ol yarə söyləniz Hali-dilimni bəndədən ol yarə söyləniz, Hicr oxu bağrımı necə bir yarə, söyləniz. Əhvalimi sorarsa mənim ol cəfalı yar, Zarü nəzarü xəstəvü avarə, söyləniz. Gülgün yanağların ğəmü cövrü cəfaləri, Qıldı həvalə bağrımı yüz xarə, söyləniz. Çox möhnətü cəfanızı çəkdim, vəfa xanı? Ğəm həddən ötdü, dilbəri-ğəmxarə, söyləniz. Səhrayə saldı ahuyi-çeşmin Xətaini, Ol buyi-zülfi, nafeyi-tatarə söyləniz. Qəbai fəqrü Fənadır qümaşi-faxirimiz, Ğəriqi-badeyi (ğəmdir) libasi-zahirimiz. Qapunda nola məhü mehrə baş əgməz isəm, Fərazi-künküreyi ərşdir şəha, yerimiz. Xudayə şükr, əcəb rahətü səfamız var, Bir oldi dust ğəmindən dərunü zahirimiz. Ğubar dəhri-dənidən kədərpəzir olmaz, İmarət eylədi lütfin, şikəstə xatirimiz. Nola tökərsəm eşikində, əşk xun alud. Xətai, simüzərə meyl edər əkabirimiz. * * * Həq əzəl meyxanəsindən verdi bu cami mana Həq əzəl meyxanəsindən verdi bu cami mana, Kainat əhli təəccüb qıldılar qamu mana. Bilməz idim xətti-rüxsarın sifatın söyləmək, Fitnə çeşmin qəmzəsi öyrətdi ilhami mana. Səbrü aramım gedibdir görməzəm eynimdə xab, Firqətin bir eyləmişdir sübh ilə şami mana. Çox cəfa hasil olan səndən mana, ey bivəfa, Aqibət eylər xəyalın rəsmi-bədnami mana. Köynəyindən çıx, dedim şol sərv gül xəndanıma, Zərrəcə qayınmadı göstərdi əndamı mana. Ey Xətai, zülfinin zəncirinə qeyd etmə dil, Danədir xali onun həm zülfidir dami mana Xaki-payın sürmədir, eynimə ənam et mana, Gər qəbul olmaz müradim səndən elam et mana. Dərdimin dərmani rüxsarini görməkdir sənin, Təşnəyəm billah, dodağın şərbətin cam et mana. Çün könül xalin ucundan düşdü zülfin qeydinə, Bigünah öldürməgil hər ləhzə aram et mana. Istəmən zahirdə faş olmaq anınçun gözlərəm, Mehri-eşqin razini, ey yar, ilham et mana. Bu Xətaidən götürgil möhnəti-hicranını, Ey pəriru, tanriçün, ancaq ilzam et mana. * * * Həq kəlami sevmişəm, sureyi-Yasindən mədəd Həq kəlami sevmişəm, sureyi-Yasindən mədəd, Kim, mənə incili-fürqanın duasından mədəd. Ey, behəqqi möcizatı verdin ol Musayə sən, Kim, mənə Musayi-İmranın əsasından mədəd. Ey Yaradan aləmi, ol şahi-xuban eşqinə, Ol Rəsuli-axiratın möcizasindən mədəd. Kim ki, kamin almadı, dünyada oldur binəva, Binəvanın vergilən, yarəb, nəvasından mədəd. Bu Xətai, der əzəldən mən İmamın quliyəm, Ey İmami-həq Əliyül-Mürtəzasından mədəd. * * * Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş, Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş. Qamətinin kölgəsi tərhin götürmüş bağiban, Bağda əksindən onun sərvi-xuraman eyləmiş. Div oğurlamışdı bir zərrə dəhanın nəqşini, Varmış, ondan xatəmi-mehri-Süleyman eyləmiş, Zülməti-zülfində içmiş, ləblərin abini Xızr, Heyyi baqi bulmuş adın abi-heyvan eyləmiş. Şanədən məşşatə salmış hər saçın, qılın yerə, Sərbəsər xaki-cəhani ənbərəfşan eyləmiş. Arizin bağində bir mürği-hərim olmuş Xəlil, Ol səbəbdən həq ona odu gülüstan eyləmiş. Bu Xətai qanını tökməkdə ikən, tökmədin, Onda hər müfti ki, mən etmiş səni, qan eyləmiş. * * * Həqin nüsxələrində bir bəyan var Həqin nüsxələrində bir bəyan var, Müqərrər biliniz kim, qanə-qan var. Başım qurban sana, ey mürşidi-həq, Neçə yüz mən təki cana qıyan var. Əlin var, yaxşı sən qırdın Yezidi, Cahandar olasan ta kim, cahan var. Hənuz şah Heydərin qanı qalıbdır, Yezidə bir dəxi külli qəran var. Sana münkir, derəm görməzsən anı, Günəşdən əhli-həq qatna əyan var. Mənim halım şaha ərz etmək üçün, Yeri badi-səba, sən bir zaman var. Bu yola varmaq olmaz rəhnümasız, Necə kim, olasan sən soraqan var. Yəqin, ixlas gərək eşqin yolunda, Get ey münkiri-ləin səndə güman var. Ögüş xof eyləmən eşqin yolunda, Rəfiqim ğazilərdən karivan var. Müəzzin gecə-gündüz çağırır hey. İmam gəldi, namaza dur, oyan, var. Səfər qıl, dur, oturma, ey Xətai, Ki, şəhri-Ərdəbildə xanədan var. * * * Həsrətindən dilbəra, qaldı du çeşmim xabsiz Həsrətindən dilbəra, qaldı du çeşmim xabsiz, Eylə kim yulduzlar olur gecə göydə xabsiz. Ta sədəf ağzında yarın görmüşəm dür dişlərin, Eşq bəhrində könül ol mənidən ğərqabsiz. Zülməti-hicranda qaldım bir mədəd qıl halimə, Ey pərişən, çünki rüxsar ilə siz məhtabsiz. Əhli-həq qapından özgə heç yerə qılmaz sücud, Ey sənəm, çün daima aşiqlərə mehrabsiz. Bu Xətainin vücudi oldu nurindən zühur, İki aləm zərrədir, xurşidi-aləmtabsiz. * * * Hər dəm ğəmində naləvü ahim yetər mana Hər dəm ğəmində naləvü ahim yetər mana. Dünya yüzündə ol yüzi mahim yetər mana. İsbat qılmışam rüxi-zərdü əşki-sürximi, Də’viyi-eşqə böylə güvahim yetər mana. Aləm xəlayiqi mənə cümlə həsud ola, Ol asitanın iti pənahim yetər mana. Zahid, ögünmə, taleyi, sə’dəm deyib yügüş, Sən var işinə, bəxti-siyahim yetər mana. Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən, Cümlə xətadə lütfi-ilahim yetər mana. * * * Hər kimə kim, səncəliyən bir pərivəş yar ola Hər kimə kim, səncəliyən bir pərivəş yar ola, Əqlü huşü xani-manından dəxi avar ola. Başinə hər kimsənin düşsə saçın sevdaləri, Tərk edüb dünyanı ömründən dəxi bizar ola. Sən təki aləmdə olmaz, gər olarsa dilbəra, Bu gözü cadusifət, həm qaşları məkkar ola. Dərdü ğəm gəldikcə səndən, şad olurmən dilbəra, Görüm onları mənim könlümdə bərxurdar ola. Qıla dönmüşdür vücudim, möhnəti-cövrin çəkə, Sağ gəzən düşmənlərin bu bəndə tək bimar ola. Həmdəmin daim rəqib olmuşdur ey, gül yüzlü yar, Xanda bir gül bitsə, lazımdır yanında xar ola. Eşqinə hər kim giriftar oldu, ey kafər necə, Şeyx Sənan tək belinə bağlayan zünnar ola. Vəsl ilən şad eylə qurtar, dərdü ğəmlərdən məni, Dərdi-hicranın çəkən ki, bu dili-əfkar ola. Varmıdır bir kimsə, yarəb, əhli-üşşaq içrə yar. Bu Xətai xəstədiltək aşiqi-didar ola?! * * * Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür, Qəmgin könül məqaminə yüz min səfa gəlür. Şadü fərəh bulub, dili-canım zəbanimə, Əhlən və xeyr məqədəmü səd mərhəba gəlür. Bir busəsinə canü dil istər bəha sənəm, Gərçi birinə yüz dilü canım bəha gəlür. Mənidə gərçi aşiqü məşuq bir durur, Məndən dua gedər, nişə səndən cəfa gəlür. Bağışlagil Xətai günahın, əya pəri! Bəxş edə şah neçə ki, quldan xəta gəlür. * * * Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür, Canimə bir od düşür, bu dilimə yahu gəlür. Sinəmi qarşu tutaram, kuyinə ol dilbərin, Sağınuram dəmbədəm Veysi-Qərindən bu gəlür. Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə. Aşiqi-dilxəstəni hərdəm sorur ahu gəlür. Canımı qurban qalardım, yoluna ol dilbərin, Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür. Ey Xətai, sən vücudin cuyini pak eylə gəl, Çünki, pak olsa ona sərçeşmədən bir su gəlür. * * * Həsrətin dərdindən, ey can, bağrım oldu parələr Həsrətin dərdindən, ey can, bağrım oldu parələr, Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr. Yandırub hicran odu könlümü verdi badə gör, Dutdu əflaki-cəhani geydi gög də qarələr. Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim, Çarə yox, naçar olubdur, neyləsin biçarələr. Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş, Hicrin etdi mən qəribi üştə gör avarələr. Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl, Qəbrinə basgil, eşitgil səd hezaran nalələr * * * Hüsni-rüsxarın, kim, oldu canü dil heyran ona Hüsni-rüxsarın, kim, oldu canü dil heyran ona, Vədəyi-dövri-qəmərni tapşırır dövran ona. Çün sənin hüsnün misali-Yusifi-Kənandir, Yüzini hər kim ki, görməz yoxdurur iman ona. Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim, Öylə yanmışdır bu bağrım yoxdurur dərman ona. Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman, Qanlı yaşımdan tökər hərdəm gözüm baran ona. Zülməti-zülfində könlü bu Xətai xəstənin, Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ona. * * * İki aləmdə sultandır qələndər İki aləmdə sultandır qələndər, Qədim küfrü imandır qələndər. Qələndərdir həqiqət sirri-kovneyn, Əmiri-həyyi fərmandır qələndər. Qələndər Mustafavü Mürtəzadır, Zəhi cism ilə həm candır qələndər. Cahan içində sər tapa bürhənə, Şahin eşqinə qurbandır qələndər. Müsafirlər ki, məsti-candı həqdən, Vüsali-şahə mehmandır qələndər. Cəhanın darini buldu gəda buş, Əcayib əhli-imandır qələndər. Keç indi şöhrəti-aləm göründü, Hesaba cümlə ehsandır qələndər. Vilayət Kəbəsin açdı Xətai, Qulami-şahi-mərdandır qələndər. * * * İşim eşqində fəryad eyləməkdir İşim eşqində fəryad eyləməkdir, Visalın vədəsin yad eyləməkdir. Xərab etdi, demən, eşqin könülmü, Bəs, ol virani abad eyləməkdir. Bu könlüm adəti hər şəb ğəmində, Fəğanü ah bünyad eyləməkdir. Verür mən ğəm dilə ümmidi-vəslin, Bu rəsm ilən onu şad eyləməkdir. Xətai qulluğun məqbul qılsan, Bu gün yüz bəndə azad eyləməkdir. * * * Könlümü alan mənim ol dilrüba yarım durur Könlümü alan mənim ol dilrüba yarım durur, Gərçi könlümni alur, amma ki, qəmxarım durur. Necə kim, cövri-cəfa qılsan bu mən dilxəstəyə, Eyləmən ondan şikayət kim, vəfadarım durur. Gecələr də uyxu gəlməz gözümə qan ağlaram, Köydəki kövkəb deyil, şol çeşmi-bidarım durur. Tanrı üçün, yola gəlsən, bir qədəm ahəstə bas, Ayağın altında topraq cismi-bimarım durur. Bu Xətai afitabə eylədi göydə nəzər, Yar aydır, kim; "ona bax, əksi-rüxsarım durur". * * * Könül bir yarı sevdi kim, pəridir Könül bir yarı sevdi kim, pəridir, Cahan içrə gözəllər sərvəridir! Boyu bağ içrə sərvi-nazə bənzər, Yanağı həmçü vərdi-əhmərdir. Yüzüdür nisbəti-xurşidi-taban, Fələkdə mah onunçün Müştəridir. Yüzü səhni-gülüstan içrə güldür, Saçının buyi müşki ənbəridir. Kim onun vəslinə bir dəm irişsə, Cəmii mülki-aləmdən bəridir. Saçının rəngidir, çün leylətülqədr, Cəmali-nuri-şəmsi-xavəridir. Əzəldən anu sevdim canü dildən, Sağınmasun ki, eşqim sərsəridir. Baxıb heyran olur Hüsnünə aləm, Xətai xəstənin ol dilbəridir. * * * Könül ta kim, ğəmindən aşinadır Könül ta kim, ğəmindən aşinadır, Qərarü səbrdən mütləq cüdadır. Könül pənd almadı, sevdi yüzünü, Ona bu dərdi-möhnətlər cəzadır. Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə, Bəladır xubları sevmək, bəladır. Nola aşiqləri öldürsən, ey dust, Ləbin bir busəsi yüz xunbəhadır. Könül bir yarə vermişdir Xətai, Eşigində səlatinlər gədadır. * * * Kuyin sənin ki, rozeyi-darüssəlamdir Kuyin sənin ki, rozeyi-darüssəlamdir, Mehrab qaşların ona, çeşmin imamdir. Heç bilməzəm bu dünyada əyyami-ruzigar, Ruy ilə zülfiniz mənə sübh ilə şamdir. Bədnam qılma könlümi, aşiq deyib, həsud, Aləmdə eşq adı belə nik namdir. Yar məclisində badəvü cam istəmən müdam, Kim gərdəni sürahi, onun ləli camdir, Mən eyləmə Xətai kəlamini, ey rəqib, Yaz dəftərinə sözləri nəzmü nizamdir. Göydəki mahin liqasi dust didarındadır, Afitabın yüzü ol xurşid rüxsarındadır. Vəsl-ümidinə gəzər, miskin könül olmaz həlak, Yoxsa çox hicran bəlası çeşmi-bimarındadır. Ahu tək aşiqlərin könlün neçün seyd etməsün, Ol qədər kirpük oxu kim çeşmi-xunxarındadır. Aqibət tufan qopar, bir gün cahanı qərq edər, Seyli-baran kim, bu aşiq çeşmi-xunbarındadır. Bu Xətai şerinə münkir nədənsən, zahida? Atəşi-eşqin nişanı odlu göftarındadır! * * * Qızıl gül, bağü bustanım, nə dersen Qızılgül, bağü bustanım, nə dersən? Fəda olsun sənə canım, nə dersən? Qərarü səbrü aramım tükəndi, Kəsildi, külli fərmanım, nə dersən? Əridi iliyim, qaldı sümiyim, Bu təni tərk edər canım, nə dersən? Qamu dərdlilərə dərman bulundu, Dəvasız dərdə dərmanım, nə dersən? Qamunun küfr ilə imanı vardır, Mənim küfr ilə imanım, nə dersən? Sənin məqsudun oldur kim, ölüm mən, Halal olsun sənə qanım, nə dersən? Əgər yatsam min il torpaq içinde, Dürüstdür əhdü peymanım, nə dersən? Xətai can ile çün səni sevdi, Sevən ölsünmi, sultanım, nə dersən?! * * * Mahimi gördüm ki, yüzindən niqab almış gedər Mahimi gördüm ki, yüzindən niqab almış gedər, Pərtövü nurindən anun afitab almış gedər. Dövri-hüsnindən anun, ey yaşlı çeşmim uymagil, Kim, şəbi-zülfindən anun, ruzi-xab almış gedər. Dilbərim cami-şərab içmiş, eşitdim nöql üçün, Aşiqi-dilxəstə bağrından kəbab almış gedər. Ol pəri getdikdə aləm necə heyran olmasın, İşvəvü kirişməvü nazü itab etmiş gedər. Ol sənəm rəna gedər, yer üstə çəkmiş damənin. Bu Xətai xəstə, ol yerdən turab almış gedər. * * * Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndir Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndir, Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir. Mənimtək aşinayi yad qıldın, ey tərəhhümsiz, Fələkdən görməzəm anı qamu biganələrdəndir. Fədadır bil, yəqin billah yolunda, cani-şirinim, Cəmalın şəminə hər dəm yanan pərvanələrdəndir. Xəbər tutmaz həqiqətdən, riyayi-zahidin fəhmi, Anın fikri əcayib qisseyi-əfsanələrdəndir. Xətai, nəzmi-əşarinə yüz min afərin gəlsin, Ki, aqillər xəyalından deyil, divanələrdəndir! * * * Məclis əhli çaxır içəndə dutar əldə əyağ Məclis əhli çaxır içəndə dutar əldə əyağ, Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ. Gülşəni-məclisdə bir şuxi pəridür dilrüba, Sanəsən bir lalədir bağrında onun dürlü dağ. Dustkam olsun həmişə ol berəcmi-dustan, Oldu məclisdə müşərrəf busəsindən solu sağ. Müşkü ənbər məcməridir, yoxsa cami-mey durur. Buyi-xubindən onun daim müəttərdir dimağ. Mehr ilən yari ki, gəlmişdir, zi gülşən yadigar, Bu Xətai xəstədildir, xaki-ol məhruyi-bağ. * * * Mənəm bir tən və leykin can onundur Mənəm bir tən və leykin can onundur, Ki, hər kim can qıyar canan onundur. Təbibimdir mənim, ruhum, rəvanım, Zəifəm, xəstəyəm, dərman onundur. Eşigində onun mən bir gədayəm, Nə kim, lütf eyləsə ehsan onundur. Səadət bürcünün dilxahi oldur, Yer ilə göyü həm Keyvan onundur. Ləbin yanında xəttin Xızrə bənzər, Kənari-çeşmeyi-heyvan onundur. Səri-zülfi-ləbi-ləlini gördüm, Təmami Türk, Hindistan onundur. Səni sevmən deyənlər kafər oldu, Yüzünü kim sevər iman onundur. Məgər məşşatə zülfin şanə qılmış, Bu könlün nikhəti-reyhan onundur. Xətavü Misr ilən Çinü Xorasan, Əraqü Fars həm Kirman onundur. Başın top edə gər canan yolunda, Çalınsın top çün çövkan onundur. Xətai, can fəda şol yarə qıl ki, Cəhanü cümlə cismü can onundur. * * * Mənim ol, suvlu yarım gəldi xoşdur Mənim ol, suvlu yarım gəldi xoşdur, Əlimə ol nigarım gəldi xoşdur. Əlindən ixtiyarın getsə getsin, Əlimə ixtiyarım gəldi xoşdur. Sən ol səhrada çün quli-biyaban, Çəməndə gülüzarım gəldi xoşdur. Öl imdi, qış günü, sərma əlindən, Mənim tazə baharım gəldi xoşdur. Qəm ilən intizar içində sən öl, Həmişə intizarım gəldi xoşdur. Xətai, şükr qıl allaha daim, Gedən səbrü qərarım gəldi xoşdur. * * * Mənim yolumda yektalər gərəkdir Mənim yolumda yektalər gərəkdir, Dini, imanı yəğmalar gərəkdir. Mənimtək gövhəri nadan nə bilsin, Məni bilməyə danalar gərəkdir. Nə bilsin məni hər bir başı gözli Könül gözündə binalər gərəkdir. Mən olman dəymə fikr ilən müyəssər. Mənə bir incə sövdalar gərəkdir. Mənəm sultan Xətai Heydər oğlu, Mənim yolumda ğovğalar gərəkdir. * * * Minbəd əgər mənimlə həbib olsa aşina Minbəd əgər mənimlə həbib olsa aşina, Mən canımı yolunda onun eylərəm fəda. Gülgün yüzün xəyalına düşdü könül yenə, Bənzim saraldı dərdilə, manəndi-kəhrəba. Darülşəfayə getmədiyim candan ötrüdür, Ey cismimin həyatı, ləbindir mənə şəfa. Çeşmin cəhanda fitnəvü aşub göstərir, Hərdəm qiyaməti qoparır qamətin mana. Yastan Xətai, yar eşigin etiqadilə, Şamü səhər də dövlətinə eyləgil dua. * * * Munca cövr etdin mənə, namehribanlıqdan nə sud? Munca cövr etdin mənə, namehribanlıqdan nə sud? Öldürəndən sonra, ey can, mehribanlıqdan nə sud? Qəhrin ilən təlx keçdi çünki ömrüm dünyədə, Yaşım üzdən istəyibən, şadimanlıqdan nə sud. Bilməzəm neçün durur düşmənliyin bu növilən, Lütfini göstərməyib, həm bu yamanlıqdan nə sud. Çünki rəhmin yoxdurur, mən piri-eşqin halına, Bu cahan bağində, ey sərvim, cavanlıqdan nə sud. Ey Xətai, dilbərin çün kim, cəfa eylər sənə, Bivəfa aləmdə böylə zindəganlıqdan nə sud. * * * Neylərəm ol cənnəti içində dildar olmasa Neylərəm ol cənnəti içində dildar olmasa, Qoy anı viranə qalsın bağçada bar olmasa. Ğəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib. Qanda didarı görür, ol bunda bidar olmasa. Dünyada aşiq olan geydi məlamət donunu, Hər yetən aşiq olurmu dərd ana kar olmasa. Aşiqin meydanda başı top yerinə çalınur, Başını meydana qoymaz kim ki, sərdar olmasa. Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola, Əyri meydanda utanur, onda iqrar olmasa. Ey Xətai, gövhəri xərc eyləmə nadanə sən, Gövhərin qədrini bilməz gər xiridar olmasa. Hüsnin bəyani sureyi-Yasinü Hələta, Ey Kəbeyi-mübarəkü vey Mərveyi-Səfa. Dövri-fələk verirsə mənə ixtiyarını, Bir tari-muyini du cəhana qılam baha! Gəlmiş deyil, gəlibdürə bilməz beruzi-həşr, Dövri-qəmər sənin təki bir şahi-məhliqa. Kim ki, vüsalın istəsə ixlasilə sənin, Üstündə zill sayə səadət dutar hüma. Toprağa bas ayağını, ey gözlərim nuri, Kim, xaki-payini dilərəm bəhri-tutiya. Şeydavü məstü valehü heyranəm, ey sənəm, İxlasilə yolunda mənəm rindü canfəda. Xurşidü mahü cümlə sitarə bir əncümən, Qıldı sücud surətinə ey əzizi-ma. Ruhi-müsəvvər oldu yüzündən bəabü gil, Sənsən şəha, bu əhsəni-təqvimə kimiya. İnsan deyirdi göydə mələk yoxidi hənuz, Sən var idin cahanda, əya dürri-ibtida. Həmtası ol şəhənşahi-əzəm nigarımın, Yoxdur bəhəqqi-hörməti-övladi-Müstəfa. Yarın yolunda xəstə Xətai yoruxmə tiğ, Olgil şəhidi-dəşti-biyabani-Kərbəla. * * * Nə buyurursan şəha, fərman sənindir Nə buyursan şəha, fərman sənindir, Yolunda canü baş qurban sənindir. Xəta məndən əta səndən əya dust, Ki mürvət kanısan ehsan sənindir. Susamış ləblərin Xizri-zəmanə, Suvar, gəl çeşməyi-heyvan sənindir. Səvar ol dövlət atına həmişə, Səadət topuna çovkan sənindir. Mələklər müştəridir gül yüzünə, Sür imdi ey qəmər, dövran sənindir. Əzəldən canımı qurban verirdim, Qəbul eylə şəha, fərman sənindir. Eşigində qulundur bu Xətai, Nəzər qıl halına, heyran sənindir. * * * Nə dersən Qızılgül, bağü bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən? Qərarü səbrü aramım tükəndi, Kəsildi küllü fərmanım, nə dersən? Hamunun küfr ilə imanı vardır. Mənim küfr ilə imanım, nə dersən? Əgər yatsam min il torpaq içində, Dürüstdür əhdü peymanım, nə dersən? Xətayi can ilə çün səni sevdi, Sevən ölsünmü, sultanım, nə dersən? * * * Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir, Qaşınlan qamətin şəkli mənə mehrabü mənbərdir. Sən ey türki-pəri, dilbər, əcayib süni-yəzdansan, Görəndən bərlü rüxsarın sözüm Allahü əkbərdir. Könül səhrayi-hicranda, diləməz nafeyi-ahu, Əyağın torpağı cana, mənə çün müşki-ənbərdir. Nə bürcün kovkəbisən sən, əya mehri-cahan takim, Cəmalın aftabından ona aləm münəvvərdir. Bu gün ixlasü sidqilə Xətai valeh olmuşdur, Ki, yüzü şəmi-ənvari, saçı onun müənbərdir. * * * Nə xacəyəm, nə də mal əksiyimdir Nə xacəyəm, nə də mal əksiyimdir, Nə sultanəm, nə xud qul əksiyimdir. Ərənlər dünyaya murdar demişlər, Nə gərkəsəm, nə murdar əksiyimdir. Mən qürab deyiləm, zağı gözləyəm, Zira mən bülbüləm gül əksiyimdir. Seyr eylədim tamunun dörd guşəsin, Nə yanaram, nə xud nar əksiyimdir. Şah Xətaim hər şeydə bir nəzər var, Bir yüzü nurlu didar əksiyimdir. * * * Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana Nitqi-ənfasi-Məsihin dəmbədəm candır mana, Çünki mən Xızrəm dodağın abi-heyvandır mana. Bilməzəm aləmdə yarəb, gərdişi-əyyami-ğəm, Lütfi-ehsanınmıdır, ya cövri-hicrandır mana. Vermişəm imanımı zənciri-zülfin küfrinə, Bəndi-zülfin küfrini gördüm nə imandır mana. Dün rəqibi-kafiri-gümrahilə eybində kim, Hər hekayətlər ki, qıldın cümlə pünhandır mana. Bu Xətai birlə solmuş bir dəxi, ey şahi-hüsn, Ta dəhanın xatəmi-mehri-Süleymandır mana. * * * Novcavan ol pir ikən, dövran ki, canan dövridir Novcavan ol pir ikən, dövran ki, canan dövridir, Şad ol ey xəstə könül, kim, dərdə dərman dövridir. Zülməti-hicranə söylən hökmini tərk eyləsin, Bir günəş doğdu arayə, mahi-taban dövridir. Lal oturma, söylə, öy can mürği, gəldi növbahar, Getdi qış vəqti aradan, uş, gülüstan dövridir. Aşiqə mehr etdi dilbər, qalmadı cövri-rəqib, Küfr aralıqdan arındı şimdi iman dövridir. Ömr üçün ğəm çəkmə, ey dil, nuş qıl abi-həyat, Dilbərin şirin ləbindən, abi-heyvan dövridir. Naümid olma cahanda, ey gədayi-binəva, Dərgəhi-sultanə gəl, kim, lütfü ehsan dövridir. Möhnəti-dünyadən ey dil, fariğ ol, sürgil mürad, Xürrəm ol, ğəm çəkməgil, kim, zilli-sübhan dövridir. Gəzməgil aləmdə sərgərdan, könül, pərvanətək, Xoş münəvvərdir cahan, şəmi-şəbistan dövridir. Dudi-ahindir, Xətai, göydə buludlər sənin, Durmayıb tök göz yaşın kim, abü baran dövridir. * * * Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir, Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir. Təndə canım qalmadı, anunla olmuşdur rəvan, Ol mənim ruhi-rəvanım, ya nigarımdır gedir. Canım andan ayrı təndə, bir dəm əylənməz mənim, Ğəm məni eylər həlak, ol qəmküsarımdır gedir. Qalmadı heç karü bari bu Xətai xəstənin, Anın ilə karü barım hər nə varımdır gedir. * * * Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir, Həm ənbiyalər üstə ulu padşahdir. Tərif edüb sifatini, şirim, dedi xuda, Bu doğru sözə insü məlayik güvahdir. Həm bəhrü kanü kuhi-vilayətdir ol Əli, Düşmən onun qatında qamu bərgi kahdir. Olmaz qənim qənbərinə bəbrü əjdəha, Çün həmdəmi o şahi-cəhanın ilahdir. Hər kim onu sevərsə Yeziddən nə fikri var, Çün qullarına xofü xətərdən pənahdir. Ol mədəni-vilayət onun asitanıdır, Kim, eşigində insü mələk dadxahdir. Gər bürci-ərşin üstə mələk anı sevməsə, Harut tək məqami onun qə'ri-çahdir. Bürcündə övliyaların ol, filməsəl, tamam, Kovkəb içində nisbəti xyrşidü mahdir. Məşhər günündə lütfün umar dəstgir ola, Miskin Xətai xəstəyə, kim, pürgünahdir. * * * Ol pəri kim, bu cahanda hüsninin həmtası yox Ol pəri kim, bu cahanda hüsninin həmtası yox, Sərvi-rənanın xuraman qəddinin balası yox. Gecə-gündüz mən onun hicrində yanmaqdır işim, Neyləyim ki, ol məhin məndən yana pərvası yox. Ögmə, ey zahid, mənə rizvanü cənnət bağini, Kim onun, yarım yüzi tək bir güli-həmrası yox. Qılma, ey naseh, mənə zülfin sevərsən, deyə, tən, Xansı aşiqdir kim, ondan başqa bir sövdası yox. Gərçi çoxdur dünyada, üşşaqi ol mahin, vəli, Bu Xətai xəstə tək bir aşiqi-şeydası yox. * * * Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur, Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur. Ya rəb, ol gözlər nə bağın nərgizi-şəhlasıdır, Kim, qəmindən cismü canım natəvan olmuş durur. Eylə kim, bülbül yeri gülşəndir, ey gülyüzlü yar, Könlümə kuyin məqamı gülsitan olmuş durur. Onca çəkdim möhnəti-hicrin ğəmin, ey bivəfa, Cövri-eşqindən vücudim natəvan olmuş durur. Ta Xətai gördi ol hüsni-cəmalın, ey günəş, Gör necə aləm dilində dasitan olmuş durur. * * * Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyf Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyf, Aldı könlümü vəfadar olmadı, heyf oldu heyf, Saxlar idim qəhrini könlümdə daim can kimi, Sirrimi faş etdi, əsrar olmadı, heyf oldu heyf. Kim ki, yüzbin məkr ilə qıldı məni səndən cüda, Yüz bəlayə ol giriftar olmadı, heyf oldu heyf. Firqətin oduna yandım, canü dil oldu kəbab, Kimsə halimdən xəbərdar olmadı, heyf oldu heyf. Eşq əlindən xəstə düşdü bu Xətainin təni, Ləblərindən bircə timar olmadı, heyf oldu heyf. * * * Ol sənəm kim gecə-gündüz can onun heyranıdır Ol sənəm kim gecə-gündüz can onun heyranıdır, Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır. Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim, Can şikarım, suvlu yarım, canımın cananıdır. Dün səba gəldi məna xoş-xoş müənbər buy ilə, Ğaliya, ol məhliqanın zülfi-müşkəfşanıdır. Ey könül, hicran ğəmindən çox şikayət qılma kim, Aşiqə cövri, cəfası lütf ilə ehsanıdır. Bu Xətai şerinə eyb etmə, ey nakəs həsud, Cümlə üşşaq əhlinə həmdəm, onun divanıdır! * * * Övliyadan hasil etdik eşq ilə sevdayi biz Övliyadan hasil etdik eşq ilə sevdayi biz; Zahidə verdik onunçün zöhdilə təqvayi biz. Dedilər ki, yeddi tamu zülmətin hicranidir, Olmadan ondan cahanda çəkdik ol ğovğayi biz. Dedilər ki, səkkiz uçmaq, sirr olubdur zahidə, Pərdəsiz nur onda gördük cənnətül-məvayi biz. Cənnət ilyindən içəri bir əcayib mülk var, Bihicab ol ildə gördük, pirim ol həmtayi biz. Canü canan bilmişidik, küfrü dini biədəb, Qəreyi-ümmanə daldıq, keçdik ol dəryayi biz. Neçələr talib olubdur bu hüma kölgəsinə, Çin elindən seyr edərkən bulduq ol hümayi biz, Ey Xətai, dedi Tuba pirimin yek boyuna, Heydərin yüzündə gördük ol gülü rənayi biz. * * * Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür, Ucundan dürlü sevdalar xəti reyhanə düşmüşdür. Məgər xurşidimiş hüsnin ki, qıldı aləmi rövşən, Kim ol rəxşəndə ənvari məhi-tabanə düşmüşdür. Qaşın yayını qurmuşsan, bizə əz ğəmzə hər saət, Əya dilbər, onun səhmi yəqin kim, canə düşmüşdür. Cəmalın iştiyaqından eşitməzsən fəğanimni, Vüsalın iftiraqından könül hicranə düşmüşdür. Xətai bəndəyə saqi içirmiş cami səhbadən, Görün meyxanə küncündə, əcəb, məstanə düşmüşdür... Aşiqin aqilə daim sözü divanə gəlür, Aşiqin daim anınçün özü divanə gəlür. Satma raygan sənəm, Xızrə dodağın suyunu, Xızr əgər istəyə su çeşmeyi-heyvanə gəlür. Əsrimiş xuni-dilimdən sənəmin xuni gözü, Gər sən inanmaz isən gör ki, nə məstanə gəlür. Gahü bigah verir tövbə mana vaizi-şəhr, Vaizin tövbəsi şaha, mənə əfsanə gəlür. Aşinadir bu Xətai, sözü iman bilənə, Özünü bilməyənə demə ki, biganə gəlür. * * * Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur, Binəvadır ki, vüsalından həbibin dur olur. Ey pəriru sən mana hərgiz nəzər qılsan benaz, Müddəi bu qüssədən eynülyəqin rəncur olur. Zahidin cövründə gər viran olursa mülki-dil, Ğəm deyil, cana, çü vəslindən yenə məmur olur. Hüsni dövründə baxın, heç iltifat etməz mənə, Kim, görübdür mövsimi-gül bağiban məqdur olur. Təşnədildir bu Xətai, can veribdir ləlinə, Necə kim ləlin əsəldir, dil ona zənbur olur. * * * Qamətindən münfəildir sayeyi-sərvi bülənd Qamətindən münfəildir sayeyi-sərvi bülənd, Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd. Arizin bağında zülfin tarinə bənd eylə, gəl, İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd. Sərbəsər bir tareyi-muyin bəhasidir sənin, Mülki-Təbrizü Ciğatayü Xorasanü Xocənd. Ta ki, gəldi ey sənəm eşqin xəyalı başıma, Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd. Canımı eşqinə təslim eylədim ixlasilə, Ol pəri-peykər məni, yarəb nədən qılmaz pəsənd? Dər biyabani-təhəyyür qalmışam bixurdu xab, Valehü sərkəştəvü heyranu zaru müstəmənd. Bu Xətai ləblərin eşqində gər ah eyləyə, Ahinin suzindən olur xak ol kuhi-Səhənd. * * * Roşən yüzün ki, zülfin olubdur niqab ona Roşən yüzün ki, zülfin olubdur niqab ona, Nisbətdir əbr içində məhü afitab ona. Eşqin sənin ki, məxzəni-gənci-ilahidir, Andan durur ki, məskən olubdur xərab ona. Eşqin nədir cahanda sənin, ey pərisifət, Heyran durur fələkdə gəzən mahtab ona. Uyğudə gözlərim necə görsün cəmalını, Eşqində çünki gəlmədi bir zərrə xab ona. Aşiqdurur yanağına zülfin Xətai tək, Andan düşər bu vəchilə bu piçü tab ona. * * * Rüxlərin müshəf, nigara, qaşların mehrablər Rüxlərin müshəf, nigara, qaşların mehrablər, Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər. Zərrə ikən gün təki aləmdə məşhur olmuşam, Ta mənə düşdi sənin mehri-rüxindən tablər. Gər sənün yüzün degül aşiqlər üçün qibləgah, Bəs nədən oldu hilali qaşların mehrablər? Ta sənin zülfi-rüxünyi görmişəm hər sübhü şam, Gecə-gündüz giryədən gəlməz gözümə xablər. Çini-zülfin bəndinə düşdü Xətai xəstə dil, Şərbəti-ləlindir anə qənd ilə innablər. * * * Sənsən həmişə surəti mənidə şahımız Sənsən həmişə surəti mənidə şahımız, Ruzi-əzəldə həzrətin oldu pənahimiz. Cövr etmə mən şikəstə, dilü binəvayə kim, Çün səndən özgə kimsənə yox dadi-xahimiz. Hər xanda kim sücud edərisəm be etiqad, Mehrab qaşlarında durur qibləgahimiz. Bir gün tərəhhüm eyləmədin-xaksarinə, Yarəb, nə sadir oldu qapında günahimiz. Ğəmdən Xətai, dərdilən incəldi çün hilal, Ey afitab-tələti süni ilahımız. * * * Sənsizin könlüm şəha, bir külbeyi-viranədir Sənsizin könlüm şəha, bir külbeyi-viranədir, Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir. Canə-can etdim yəqin, eylə əzəldən həq bilür, Canımın, canı mənim, şol dilbəri-cananədir. Getdi ömrüm hiç dinlənmən vüsalindən anın, Şol məhi-namehribanın meyli çün hicranədir. Hər gecə ta sübh hüsnün şəminə pərvanə tək, Cümlə aləmlər fəğanimdən tutuşub yanədir. Ey Xətai, sən yəqin bil kim bu fani dünyada, Bivəfalərdən məhəbbət istəyən divanədir. * * * Ta mənim könlümdə, cana, həsrəti-cananədi Ta mənim könlümdə, cana, həsrəti-cananədir, Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir. Arizin gülşən dürür, canım ona bülbül kimi, Rüxlərin çün şəmidir, könlüm ona pərvanədir. Mən səna hərdəm dualar qılıram, ey bivəfa, Ey sənəm, neyçün sənin hər gündə qəsdin canədir? Gərçi zülmətdir saçın, yüzün ana xurşidvar, Ləblərin təmi nə nisbət çeşmeyi-heyvanədir. Dərdi-eşqindən sənin gər istəsəm dərdü ələm, Neyləsin bu xəstə könlüm, dərd ilə həmxanədir. Bağça içində güli-əhmər nə nisbət vəchinə, Ol yanağın qatinə, can lölöyi-həmra nədir? Bu Xətai başdan ayağa üzülmüşdür tamam, Neşə kim, ol zülfinə məhrəm həmişə şanədir. * * * Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindir Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindir Ki, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir. Xətindir ayəti-rəhman ki, həqdən münzəl olmuşdur, Ona derlər kim, ol sünbül səvadi-nafeyi-çindir. Tükəndi Yusif əyyami, sənin dövrani-hüsnündən, Xəbər ver xublar içində, yalandır bu xəbər çindir? Şikari aşikar eylər, gözün bu bazi-şəhbazi, Könüllər seydinə yarın gözü şahanə laçındır. Güli-sirab hüsnində nə nisbət ol siyəh xalın, Bu rəna bəqqeyi-hindu gülüstan içrə gülçindir, Xətai ta onu gördü, özündən əl yudu gülli, Onun çəngali-çəngindən şikar olmuş göyərçindir. * * * Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir, Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir? Qaşların mehrabü yüzün məscidi-beytülhəram, Gözlərin meyxanəvü ləli-ləbin peymanədir. Ey müsəlmanan, məni eyb etməyiz aşiq deyib, Kim məni valeh qılan ol nərkisi-məstanədir. Dilbərin vəslindən ayrı bu dili-məhcurimin, Fikri ənduhü fəraqü dərdilə həm xanədir. Ey Xətai, əhli-tohidin qatında bilmiş ol, Vaizin bihudə göftari qamu əfsanədir. * * * Ta camalın nuri çeşmimdən nihan olmuş durur Ta camalın nuri çeşmimdən nihan olmuş durur, Gecə-gündüz işim, ah ilə fəğan olmuş durur. Hüsnün ta görmüşəm, bir bülbüli-zar olmuşam, Çün mənə kuyin məqami gülstan olmuş durur. Bir məsəldir kim deyərlər: "Gəncin üstə mar olur", Zülf içində hüsnin ol gənci-nihan olmuş durur. Gər fələk yüzündə derlər: "Mahi-tabandır şərəf", Tələtin yer üstə mahi-asiman olmuş durur. Pir olmuşdu cahanda firqətindən, ey sənəm, Ta yüzün gördü Xətai növcəvan olmuş durur. * * * Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz, Dami-zülfin bəndinə mürği-giriftarəm Hənuz. Ta ki, mən bülbül təki gülzari-hüsnin görmüşəm, Ta əbəd tərk eyləmən dəreşqi-gülzarəm Hənuz. Şəmi-rüxsarini ta kim, görmişəm, ey məhliqa. Gögdə yıldızlar kimi hər gecə bidarəm hənuz. Ta yüzin gördim sənin, mən ey təbibi-dərdi-eşq, Sanma kim, buldum şəfa dərdilə bilmarəm hənuz. Bu Xətai yar ilən qalu bəlidən qıldı əhd, Həq bilür kim, bərsəri-an əhdü iqrarəm hənuz. * * * Taki rüsxaindən ərrəhman ələş-ərş-istiva Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva, Həm anın şənində münzəl ayəti-şəmsül-züha. Sureyi-Tahavü Yasinü təbarək hüsnünə, Gör nə təzim eyləmişdir həq taala rəbbəna. Münfəildir, tələtindən dər fələk, xurşidü mah, Şol cəhətdən kim, yüzün-nurindən almışdır ziya. Valehü sərkəştədir aləmdə əhli-mərifət, Vəchinə ey gövhəri-pakizəyi-ərzü səma. Bu Xətaidən inayət kəsmə, ey şahi-kərəm, Canə yetmişdir cəfadən lütf edib qılgil vəfa. * * * Ta ki, dərdindən olubdur yürəgim sədparələr Ta ki, dərdindən olubdur yürəgim sədparələr, Tiği-eşqin yürəyimin səd həzaran parələr, Ay yüzündən ayru gördüm dideyi-bixabimi, Göy yüzündə uymaz oldu hər gecə səyyarələr. Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə, Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr. Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm, Gör, nələr qıldı mənə, şol nərkisi-xunxarələr! Çıxmasa miskin Xətai könlü zülfindən nola, İşi seyr olur onun hər xanda var səyyarələr. Həsrətin dərdindən, ey can, bağrım oldu parələr, Suzi-eşqin yürəgimni hərdəm eylər yarələr. Yandırub hicran odu könlümni verdi badə gər, Dutdu əflaki-cahani, geydi gög də qarələr! Düşdü hüsnin bəndinə canilə dil, bu gözlərim, Çarə yox, naçar olubdur, neyləsin biçarələr. Tərk edib, qoydum, gedərəm, xanimani, mülki uş, Hicrin etdi mən qəribi, üştə gör, avarələr. Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl, Qəbrinə basgil, eşitgil səd-həzaran nalələr. * * * Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər, Gəldi ahimdən mənim fəryadə dağü daşlər. Hüsnini yad eyləsəm, ey sərv boylu dilbərim, Firqətindən çeşmətək, axar gözümdən yaşlər. Mehri-ruyün sərbəsər sehrilə tutdu aləmi, Fitnəvü ğovğayə saldı, ol göz ilən qaşlər. Eşqə dil verdin deyə, cövr etmə, ey zahid mana, Can verür məşuqə daim aşiqi-qəllaşlər. Naseha, eyb eyləmə miskin Xətai şerinə, Çün həqə məlum durur, könlündə sirri-faşlər. * * * Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur, Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur. Nola gər hüsnindən alsa zərreyi-nur afitab, Kim bəli, daim ğənilərdən nəva möhtac alur. Nə əcəb, mən miskinin könlün əgər yəğma qıla, Hinduyi-zülfin ki, mülki-Rumidən tarac alur. Ta əyağın tozu tək qanunda məskən dutmuşam, Bu səadətdən mənim bəxtim mələkdən bac alur. Bu Xətai Kəbeyi-kuyində tapmışdır şərəf, Hacıtək könlüm təvafi-kuyinizdən hac alur. * * * Ta kim, zülfin niqabi mahtab üstündədir Ta kim, zülfin niqabi mahtab üstündədir, Bir bulud nisbətlidir, kim, afitab üstündədir. Gün təki yüzün cəhanə zahir olmuşdur, vəli, Bu əcəb kim, bəndədən daim hicab üstündədir. Eşqiniz, kim oldu bu viranə könlüm məskəni, Gəncə bənzər kim, yeri daim xərab üstündədir. Zahidi-gümrahi gör, divarə eylər səcdəni, Ol günəhkar öylə sanur kim, səvab üstündədir. Bu əcəb kim, bəndədən daim hicab üstündədir. Oda bənzər kim, həmişə ol kəbab üstündədir. * * * Ta səri-kuyində bu könlüm müqim olmuş durur Ta səri-kuyində bu könlüm müqim olmuş durur, Dil məqami baği-cənnati-nəim olmuş durur. Dəftəri-hüsnində şol hərfi-xəti-xalın sənin, Sətri "Bismillah ərrəhmanirrəhim" olmuş durur. Sidqimiz ol vəchdir kim, həqq olur anda zühur, Kim təriqətdə "sirati-müstəqim" olmuş durur. Şəriniz yolunda biz qılsaq xəta sən qıl kərəm. Min bir adında sənin biri kərim olmuş durur. Ey Xətai, çəkmə ğəm, gər hicrilə bimarsən, Çün sənə ol xaliqin fəzli-həkim olmuş durur. * * * Təala şanəhu əkbər, bu nə hüsni-dilaradır Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır, Cəmalın huridən yeyrək, boyun tubadan əladır! Gözüm yüzün görər hərdəm, zəhi nazir, zəhi mənzur, Könül zülfin ilər hərdəm, əcəb aşüftə sevdadır. Xocəstə qamətin gördüm sənin, ey sərvəri-xuban, Bəladən dil xilas olmaz, əcəb hümmətlü baladır. Əgər cövri-cəfa qılsan, əgər mehrü vəfa qılsan, Yolundan dönməyim yoxdur ki, həq binavü danadır. Xətai xəstənin vergil, müradın həsbətən lillah, Ki, xaki-asitanında işi daim təmənnadır. * * * Vəchində peydadır sənin əncari-zati-kibriya Vəchində peydadır sənin ənvari-zati-kibriya, Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha. Leyli cəmalından cüda Məcnun kimi sərkəştəyəm, Fərhad var istər könül Şirin dodağından şəfa. Cami-müsəffadən mana saqi içirdi bir qədəh, Sufi nə bilsin mən ol camdan necə buldum səfa. Hər kim ki, tovhid əhlidir, ol didü vadid əhlidir. Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha. Mən cahilü nadaniyəm, ol hüsniçün heyraniyəm, Ta gəncikən pünhan idim, şimdi gözümdən zahira. Eynülyəqin həqq sirrinə idrak edən insan idim, Ey mərifətdən bixəbər, insafə gəlgil bihəya. Canü cəhani siz sizin neylər Xətai xəstədil, Səndən müdam ehsan dilər, çünki gədadır binəva. * * * Vücudini bu könlüm can demişdir Vücudini bu könlüm can demişdir, Ləbini ləl ilə mərcan demişdir. Saçın rəngin şəbi-qədr oxuyanlar Yüzün nurin məhi-taban demişdir. Bu könlüm eşqini, ey qəmgüsarım, Vücudim şəhrinə sultan demişdir. İki gözüm yaşı hər dəm yüzimə Birin Nilü birin Ümman demişdir. Əyağın tozinə, ey nuri-rəhman, Xətai canını qurban demişdir. * * * Xaki-payin, dilbəra, bir tac dövlətdir Xaki-payin, dilbəra, bir tac dövlətdir mana, Bəs yüzün görmək sənin bəxtü səadətdir mana. Çün qəmi-eşqində ölməkdir, həyati-cavidan, Həq bilür ölmək deyil, ol eyni-rahətdir mana. Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa, Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana. Gərçi məndən dərhicab olursan, ey arami-can, Yüzünü göstərdiyin eyni-inayətdir mana. Düşdə gördi dün Xətai, yar olubdur həmdəmi, Ya düşümdür, ya xəyalım bu nə halətdir mana. * * * Xandadir ol bimisalın ibtidası, xandədir? Xandadir ol bimisalın ibtidası, xandədir? Kim bilir, ol künt-kənzin intəhası xandədir! Gəl bəyan etgil süfati-zatini şərh eylə kim, Mən sual etdim ona, eyni-liqası xandədir? Kəndü lütfindən yaratdı aləmin mövcudini, Cümlənin məqsudi şahdır, istivasi xandədir? Ərşü kürsi cənnətü həm narü tubavü şəcər, Əbrü badu maü tin, əsli-şərasi xandədir? Hər kişi kim, zikri-xətlən könlünü etməz cila, Ol nə bilsin bibəsər eşqin səfası xandədir. Xatəmi-tohidi hər kim könlünə mehr etmədi, Ol şəhadət şərhinin bilməz əsası xandədir. Sən niyaz et ey Xətai, kimsə bilməz çün səni, Məntiqin inşasının həmdü sənası xandədir. * * * Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar, Yar bağrım arasın, gör kim neçə xar onda var. Varma yanımdan mənim, ey hicr-dilsuzani dust! Dustü düşmən xamusu ağlar mənimçün zar-zar. Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can, Candan etmişdir məni cövr ilə dövri-ruzigar! Ruzigarım tirədir sənsiz, əya arami-dil, Dil neçün aram tutsun həddən ötdü intizar İntizarəm, vədeyi-vəslin yolunda hər zaman, Hər zaman divanə tək dağlara düşdüm biqərar. Biqərar oldum saçıntək rüxlərindən ayrı mən, Mən neçün aram edim sənsiz ki, oldum dilfikar. Dilfikar oldu Xətai firqətindən ruzü şəb, Ruzü şəb vəslin xəyali canda qaldı yadigar. * * * Ya ilahi, istərəm səndən bu ənami amana Ya ilahi, istərəm səndən bu ənami mana, Edəsən həmdəm kim, ol sərvi-güləndamı mana. Şol büti-namehriban hərgiz məni yad etmədi, Bir məhəbbət qılmadı axır sərəncamı mana. Cövri-hicran çəkdiyimdən qalmayıbdır taqətim. Ya nəsib etsin nolaydı səbrü aramı mana. Könlüm aldın bitəkəllüf, canımı almaqdurur, Güldürür eşqində dayim hasilin ami mana. Keçdi ömrün ey Xətai, uş bu zaye dünyada, Şol vəfasız dilbəridən vermədi kami mana. * * * Yanağın ey pəri can mənzilidir Yanağın ey pəri can mənzilidir, Bu bülbülnün gülüstan mənzilidir. Ayağın basdığı yer, ey dilaram, Bu mur üçün Süleyman mənzilidir. Saçının zülmətində təşnə Xızrəm, Dodağın abi-heyvan mənzilidir. Bitibdir qamətin çeşmim üzündə, Nə xoş sərvi-xuraman mənzilidir. Götürmə ağ yüzündən qarə zülfün, Ki, əqrəb mahi-taban mənzilidir. Mürad üçün gəlibdir dil qapına, İnayət qıl ki, ehsan mənzilidir. Xətai könlünə yar mehri düşdü, İmarət qıl ki, sultan mənzilidir. * * * Yandım eşqindən əya, güz yüzlü dildar, üştə gör Yandım eşqindən əya, gül yüzlü dildar, üştə gör, Sənsizin aləmdə gəzmək oldu dişvar, üştə gör. Sinəmin suzindən ey dilbər, yanır ərşilə fərş, Ağlaram bülbül kimi bivəsl-gülzar, üştə gör. Lalətək bənzim saralmışdır fəraqindən sənin. Olmuşam dilxəstəvü məcruhü bimar, üştə gör. Əhdü peymanını məndən ey pəri, sındırma gəl, Kim, mənə zülm eyləmişdir, cövri-əğyar, üştə gör. Bu Xətai şol büti-tərsa cəmalın görgəcin, Rahibi-deyr olduvü bağladı zünnar, üştə gör. * * * Yarı gördüm bu gün xəndan oturmuş Yarı gördüm bu gün xəndan oturmuş, Yanağı tazə gül reyhan oturmuş. Yüzünə qarşı ğönçə güldügiçün, Səhər ağzına çalmış qan oturmuş. Səninlə hüsn içində bəhs edənlər, Necə peşman olub, heyran oturmuş. Sənin sibi-zənəxdanına, ey dust, Nə həddim var desəm, dəndan oturmuş. Dodağın çevrəsində qoşa xallar, İki zəngi ona dərban oturmuş. Sənin Leyli cəmalın görmək üçün, Yolunda Məcnuni-heyran oturmuş. Xətaiyə nəzər qıl çeşmin ilən, Qapunda sübhi-şam giryan oturmuş. * * * Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim. Gövhərin yekdanəsindən iləri pərgar idim. Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər, Yeri-gögü, ərşi-kürsi yaradan səttar idim. Gah Hüseynlən belə pustumu soydu qazilər, Gah da Mənsur donuna girdim, ənəlhəq car idim. Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi, Mən bu beytullah içində ta əzəldən var idim. On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm, Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim. Dünyasından mən onun sirrin bilirdim, ol mənim, Dəryanın altındakı sac qızdıran ənnar idim. Mən Xətaiyəm, həqqi həqq tanımışam bigüman, Onun üçün ol yaratdı, mən ona dərkar idim. * * * Zərreyi-mehrində daim, ey cəmali-afitab Zərreyi-mehrində daim, ey cəmali-afitab, Əbr yüzündən götürgil dutmagil məndən hicab. Dur dedim yarin köyündən, ey rəqibi-rusiyah, Xəstə bülbül var ikən neylər gülüstanda ğürab? Ey gözü nərgiz, yüzü gültək, boyu sərvi-rəvan, Ta ki, səndən ayrı düşdüm, xəstəyəm halım xərab. Cənnəti-vəslindən ey, canım məni dur eyləmə, Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab. Bu Xətai həqqinə dayim dutubdur çox ümid. Aqibət rəhm eylə anə saəti-yovmülhesab. * * * == Fərmanlar == I Şah İsmayılın Musa Durğut oğluna Fərmanı 300px Bismilləhir-rahmənir-rahim Əbülmüzəffər İsmayıl Bahadur Sözümüz Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixaür ül-əazim vələyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol hər nə ki ixtiyarliğini kendünə şəfqət etdük. Gərək kim müşarinileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təala hər nə kim onun müradi və istəki olsə, hasildir. Gündəngünə nə iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, gönlünü xoş tutub, mərhəmətimizə isdar olsun.Təhrirən 7 rəbiüləvvəl, sənə 917 Xətm * * * I Şah İsmayılın Şəhabəddin Bayqu Ömər Zülqədərə Farsca fərmanı Hov-Allahi-Subhanə Bismi Allahı Rəhmanı Rəhim Ya Muhəmməd, ya Əli Əlhokmollah Əbo-lmozəffər Esməil Bahadur sözümüz Cənabi emarət məab əmirzade əzəm-i-əkrəm xələf-ol-Oməraə beyn-ol-əhəm Şəhabəddin Omər beyk Zolqədrlu beenayət-e-bidəriğ-epadşahi-ye-məxsus və momtaz gəşte bedanəd ke qəbl əz in ərz-e-exlas-e u ra bedin dudman-e keramət və hedayət və astan-e rəfi-ol-şən-e səltənət mokərərən beməsabeh-cəlal resanide budənd benabər an təvvəcoh-e-xater fəyyaz-e-şahi və enayat-e namotənahi-ye-padşahi dərbare-ye u bedərəce-ye əla əst bayəd ke behəme-ye əbvab mostəhzər və mostəmal bude və əz sər-e omidvari-ye hərçe təmamtər motəvvəcceh-e yari-ye əla şəvənd və cəmi-e bəradəran və bəradərzadeha-ye xod ra estemalət və delxoşi dade həmrah-e xod biyavərəd ke Soltan Səlim bedan mərtəbe ke qəsd-e ocağ-e işan və əla-od-dole beyk numud həman məni ra ba ovlad və nətice-ye-şan bezuhur xahəd resanid əgər ----- əz Soltan Səlim niz sader nəşəvəd ke əz canb-e əli beyk-e şəhsəvar bevucud dərmiayəd və benoi ke qəsd-e əmm və əmmzadehay-e u numud axər-ol-əmr cəhət-e ədavət-ocağ ba işan həm xahəd numudbayəd ke bidəğdəğe və əndişe-ye xater ru be dərgah-e aləmpənah avərdənd ke cəhət-e ğeyrət-e ocağ-e xod dər sədəd-e iza və enteqam budən əz comle-ye ğeyrət və mərdanegi əst və bişaebe bema foq-ol-məqased və-lməareb faez gəşte beenayət-e xosrəvani moavedət xahəd şod. Forsət ra ğənimət daneste əz səfa-e-niyyət və əqidət-e dorost bitəvəqqof təvvəccoh nomayənd ke təmami-ye ali məneş və comlegi-ye hemmət-e aləm-e pərvəreş bedan motəvvəcceh əst ke işan ra beşəfəqət-e bi ğayət-e şahi benoi momtaz gərdanənd ke xesvəd-e cəhaniyan gəşte şərəf-e emtiyaz-e işan bər aləmiyan vazeh gərdəd. Təhrirən fi əvaset cari-ol-axər sənət sols və əşreyn və təsəmayə Xətm. * * * == Hökmlər == I İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmü Mehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin. 907-ci ilin cümada-as-sani ayının 25-də. * * * I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmü O, pak Allahdır. Mehriban və bağışlayan Allahın adı ilə [Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl şahimərdanın [Əlinin] quludur. Hökm Allahıdır. Qalibliyin atası İsmayıl Bahadur sözümüz Bu vaxt qərar buyurduq ki, hökmdarlıq məkanı Təbrizdə yerləşən və ardıcıl olaraq seyidlik və dinin cəlalı, abalığın panəhı, səadətin kəsəri, qardaşlıq məhəbbəti bəslədiyim Seyid Süleyman mirzənin sərəncamında olmuş Xanəhməd bağını həmin qayda ilə ona aid bilsinlər və onun vəkillərinin sərəncamına ver-sinlər. Ayrı bir adam oraya dəxalət etməsin. Qeyd olunan hökmdarlıq məkanın darğası, kələntərləri və divan işlərinə baxan rütbəli qulluqçuları yazılmış qayda ilə qərar verildiyini bilsinlər. Hakimiyyətin pənahı, hamının atalığı, dövlət və iqbalın münsifi alicənab Hüseyn bəy Lələ sərəncam verdiyi təqdirdə bu işə heç bir adama qarışmaq fürsəti verməsinlər. Buyuruqdan kənara çıxmasınlar və özlərini vəzifədar bilsinlər. İndicə onların yiyəliyinə versinlər və [oranın] ətrafına dolanmasınlar. Yüksək qeyd. Yazıldı 914-cü il səfər ayının 15-də. * * * I İsmayılın Miskin Abdal haqqında olan fərmanı Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona sidq ürəklə inanın, nə mətləbiniz varsa ondan diləyin. * * * Kitabxana.az · https://kitabxana.az/authors/xetai İctimai mülkiyyət (müəllifin vəfat ili: 1524). Public domain (author died 1524). Original text only.