Deyişmələr Ağ Aşıq Allahverdi (1754–1860) Ağ Aşıq Allahverdinin Keşişoğlu ilə deyişməsi AĞ AŞIQ ALLAHVERDİ: Əlbət şəyird olan baxar fərmana, İndi alımını al, Keşişoğlu. Tutar qulağından qoşar xırmana, Sənsən ağzıbağlı mal, Keşişoğlu. KEŞİŞOĞLU: Qulluq et ustaya, olmaynan naşı, Tökərəm gözündən al-qanlı yaşı, Hər uşaq bu sözdən çıxarmaz başı, Kirimiş yerində qal, Allahverdi. AĞ AŞIQ ALLAHVERDİ: Bir qulaq as sən də bu tək səbirə, Sən tək tülkü neylər mən tək bəbirə, Tutar cənazəndən qoyaram qəbrə, Döşərəm üstündən sal, Keşişoğlu. KEŞİŞOĞLU: Keşişoğlu içib kövsərdən bir cam, Təcnisi, təxmisi söyləyir tamam. Yetişsin dadıma Sahib-əz-zaman, Ol mənim yanımda lal, Allahverdi. AĞ AŞIQ ALLAHVERDİ: Ağ Aşıq qorxmazdı pələngdən, şirdən, Almışam dərsimi ustadı-pirdən. Xaliq Allah salmaz məni nəzrdən, Otur, sən yerində qal, Keşişoğlu. * * * Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsi ÜMMÜLBANU: Can-ciyərim, getmə, aman günüdür, Çalış düşmə güzarına sərdarın. Baş götürək, gedək qürbət diyara, Yox etibar, ilqarına sərdarın. AĞ AŞIQ ALLAHVERDİ: Gəl görüşçək, halallaşaq, ay bacım, Gedər oldum güzaraına sərdarın. Yazıq qardaşını qara qul kimi, Aparırlar bazarına sərdarın. ÜMMÜLBANU: Sənsiz necə dözüm qəmə, möhnətə, Özümü ölddürəm düşsən qürbətə. Şeytan da əl vurmaz haram dövlətə. Od ələnsin yollarına sərdarın. AĞ AŞIQ ALLAHVERDİ: Sultanların taxtı olaydı taraş, Xan zülümkar, ağa cəllad, bəy fərraş. Cumdum dərin ümmanlara, vurub baş, Dolamışam sim toruna sərdarın. ÜMMÜLBANU: Yaralıyam tay-tuşumun içində, Dərdim uçur durnaların köçündə. Ümmilbanu el-obanın içində, Lənət edər məzarına sərdarın. AĞ AŞIQ ALLAHVERDİ: Ağ Aşıq taleyi qara, bəxti kəm, İqbalıma zalım fələk baxdı kəm. Doğrananda qıyma-qıyma baxdı kəm, Ollam məlhəm azarına sərdarın. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ag-asiq-allahverdi-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1860). Public domain (author died 1860). Original text only.