Gəraylılar Ağ Aşıq Allahverdi (1754–1860) Bənövşələr Sən baharın qonağısan Boynu buruq bənövşələr. Eşq əhlilər qınağısan Boynu buruq bənövşələr. Məcnun Leyla xəyalında, Kərəm Əsli sorağında, Qurbaninin qəm bağında Boynu buruq bənövşələr. Ağ Aşığın bəxti kəmdi, Fələkdən bu bir sitəmdi, Dərdim bil səndən betərdi Boynu buruq bənövşələr. * * * Bil sənin Gərdən mina, sürah boyun, Al Osmanda yoxdur tayın, Tutacağam özüm toyun, Ay qız, bil sənin, bil sənin. Camalındı şəmsi-qəmər, Bahar səndən şəbnəm əmər, Peşkəşindi qızıl kəmər, Ay qız, bil sənin, bil sənin. Ağ Aşığın günü qara, Ciyər oldu hazar para, Bir busəndi mənə çara, Ay qız, bil sənin, bil sənin. * * * Elim gələ Bahar gəldi bu dağlara, Gülüm gələ, gülüm gələ. Yay olanda yaylaqlara, Elim gələ, elim gələ. Gözəlləri söhbət sözüm, Şövqə gələ telli sazım, Cövlan edə xoş avazım, Gül hüsnünə dilim gələ. Ağ Aşığın xoş çağıdı, Gül yanaqlar oylağıdı, Göyçə bir gülşən bağıdı, Tərifinə dilim gələ. * * * Əhsən sənə Aşıq Alı Mahalımın şah tavarı, Alqış sənə, Aşıq Alı. Saldın kəməndə Yığvalı, Alqış sənə, Aşıq Alı. Ustadıyın üzü ağdı, Zəkiyə çəkdiyin dağdı. Oğul, müjdəm xub soraqdı,- Alqış sənə, Aşıq Alı. Duraxan da gəldi dada, Əsməri də saldın oda. Ağ Aşığın bu dünyada Şöhrətisən Aşıq Alı, Alqış sənə, Aşıq Alı. * * * Əlindən Vətənimdən cida düşdüm, Bəy əlindən, xan əlindən. Heç birində insaf yoxdur, Onların aman əlindən. Rəiyyət qərq olur qəmə, Dərdimizi deyək kimə. Zəhrimardı, alıb yemə Kəndxudanın nan əlindən. Allahverdi dostu yoxlar, Öz dərdini canda saxlar, Köksünə tuşlandı oxlar, Dilbilməz nadan əlindən. * * * Getdi Adəm ata, Həvva gəldi, Dünya səndə qaldı, getdi. Ömr eylədi neçə illər, Dərdə-qəmə daldı, getdi. Səndə gəzdi neçə xanlar, Kəmərbəstə qəhrəmanlar, Neçə-neçə Süleymanlar, Gözü yaşla doldu, getdi. Pərixanım, Abbas hanı? Haqq aşığı o Qurbani, Tərk eylədi bu dünyam, Muradını aldı, getdi. Ağ Aşıq çağır allahı, Yetər dada şahlar-şahı, Çox zülümkar padşahları, Fələk taxtdan saldı, getdi. * * * Gözlərinin giləsinə İgid olsa elə arxa, Can sadağa beləsinə. Çörək verib ala səxa, Can sadağa beləsinə, Gözlərinin giləsinə. Dağlar başı qarlı gərək, Bağça-bağlar barlı gərək, İlqar özü varlı gərək, Can sadağa beləsinə, Gözlərinin giləsinə. Göyçə gözəllik oylağı, Güldür-çiçəkdir yaylağı, Murğuz, Murov, Kəpəz dağı, Can sadağa beləsinə, Gözlərinin giləsinə. Güzgüsüdü Göyçə gölü, Tamaşadı bütün eli. Şəhdi-şəkər şirin dili, Can sadağa beləsinə, Gözlərinin giləsinə. Ağ Aşığın odu sönməz, El-obadan üzü dönməz. İgidlərin başı enməz, Can sadağa beləsinə, Gözlərinin giləsinə. * * * Dağlara-dağlara Məcnun deyə Leyli ünü, Düşdü dağlara-dağlara. Kərəmi də keşiş dini, Saldı dağlara-dağlara. Dağlar başı tamam qardı, O ki elə bir vüqardı, Niyə Günahkar dağlardı- Derlər: dağlara-dağlara... Murğuz, Murov, Kəpəz xandı, Alvız, Ağrı bir sultandı, Ağ Aşıq hələ cavandı, Alqış dağlara-dağlara. * * * Deyə-deyə Sazım sinəmdə qan ağlar, Yunis Əmrə deyə-deyə. Sinəmi çal-çarpaz dağlar, Yunis Əmrə deyə-deyə. Qara boyandı el-oba, Çən, çiskin büründü hava. Qəm kökləndi sazda hava, Yunis Əmrə deyə-deyə. Ağ Aşıq, kütah et sözü, Dönük deyil Tanrı üzü. Görmək üçün dərviş üzü, Gəz, sən Əmrə deyə-deyə. * * * Dolana-dolana Dağlar, səndən duman qalxar, Çərxə dolana-dolana. Göy guruldar, şimşək çaxar, Çərxə dolana-dolana. Tər çiçəklər ilməyindi, Nərgiz-çəmən köynəyindi. Duman çalman –diləyindi, Çərxə dolana-dolana. Ağ Aşıq tək havalısan, El-obanın cəlalısan, Bahar fəsli davalısan, Çərxə dolana-dolana. * * * Dünya Nə veribsən, alammırsan, Suçum nədi görən, dünya? Gündə min cür üz göstərib, Min bir dona girən dünya. El-obadan cida saldın, Neyləmişdim oda saldın, Ev-eşiyə qada saldın, Dərd üstdən dərd verən dünya. Ağ Aşığam, taleyi kəm, Görməmişdim belə sitəm. Qolubağlı rəiyyətəm, Az gücünə güvən, dünya. * * * Kəklik Baharın gülşən çağında, Uçar daşdan-daşa kəklik. Ovçu görsə, səkər asta, Sinər daşdan-daşa kəklik. Məskən salar qayalarda, Özü göyçək boyalarda, Gözdən uzaq sayalarda, Çökər daşdan daşa kəklik. Süsənbərim göylər mahı, Ağ Aşığın qibləgahı. Əyir belim yarın ahı, Bükər başdan-başa kəklik. * * * Həsrətəm ay ilə-ilə Leyli-nahar hüsnünə mən, Həsrətəm ay ilə-ilə. Şəhdi-şəkər ləbinə mən, Həsrətəm ay ilə-ilə. Bu yerlərdə bahar-yazdı, Yaylaqları söhbət-sazdı, Demə ki, bu nə avazdı, Həsrətəm ay ilə-ilə. Qürbət oldu mənə yağı, Ürəyimə çəkdi dağı, Ağ Aşığın cavan çağı, Həsrətəm ay ilə-ilə. * * * Sənin Alçaqlı, ucalı dağlar, Xub əsir yellərin sənin. Bəlli deyil yayın, qışın, Qar qucar bellərin sənin. Yay olanda gülün qaynar, Ağır ellər səndə yaylar. Bir cüt yaşılbaş oynar, Bulanır göllərin sənin. Güllərin solğun olmasın, Süsən-sünbülün solmasın. Yad yerdən ovçu gəlməsin, Bağlansın yolların sənin. Allahverdi, budur yurdun, Nə bir yerdə məskən qurdun. Xub gözləyib, dürüst vurdun, Qurusun qolların sənin... * * * Süsənbərə Sərdar səni iflic vursun, Ünüm yetməz Süsənbərə. Qərib-qürbət diyardayam, Ünüm yetməz Süsənbərə. Ay dolandı, ilə gəldi, Şeyda bülbül gülə gəldi, Telli sazım dilə gəldi, Ünüm yetməz Süsənbərə. Ağır illər ötürmüşəm, Ömrü başa yetirmişəm, Məhərrəmi itirmişəm, Ünüm yetməz Süsənbərə. Qürbət eldə çıxdı canım, Ağlar qaldı Ümmülbanum, Bağlandı ömür dastanım, Ünüm yetməz Süsənbərə. Ağ Aşığa dərd yoldaşdı, Qüssə-qəmim başdan aşdı. Sinəm dağlı, gözüm yaşdı, Ünüm yetməz Süsənbərə. * * * Yalvara-yalvara Yarım çıxıb yaylaqlara, Qaldım, yalvara-yalvara. Bərə qurdum oylaqlara, Durdum, yalvara-yalvara. Qurban dedim yar adına, Səs vermədi fəryadıma, Şahi-mərdan yet dadıma, Öldüm yalvara-yalvara. Qamət çəkib naz eylədi, Bir dərdimi yüz eylədi, Bağrım başın köz eylədi, Yandım, yalvara-yalvara. Gülərüzlü, boyu bəstə, Dağ çəkibdi sinəm üstə. Ağ Aşığı etdi xəstə, Qaldım yalvara-yalvara. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ag-asiq-allahverdi-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1860). Public domain (author died 1860). Original text only.