Növhələr Ağadadaş Sürəyya (1850–1900) Ey nəşi qalan yerdə, keçən başı cidayə, Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə. Bir cismə bu qədri nə rəvadır dəyə peykan, Fəvvarə kimi qan bədənində axa hər yan, Ey təşnə ləbi-Kərbübəla bu təni üryan, Aya necə tab etdi bu qayətdə yarayə. Bir-bir edərəm cismi-şəhidanə nəzarə, Görrəm sənicə dəyməyib heç bir kəsə yarə, Ondan bilirəm həmdəmi-cansan məni-zarə, Bais odu kəlləm başın üstündə nəvayə. Kimdən soruşum harda düşüb şahi-şəhidan, Baş ilə tanırlar bədəni, başına qurban, Yetmiş iki tən hamısı başsız, hamı üryan, Dindir bacını getməyə ta canı xətayə. Başdan ayağa yarələnib cismi-zəifın, Kim doğradı qardaş belə əndami-lətifin? Başın hanı, bəs, kim bu əzayi-şərifin, Ey başı düşən "qalu bəla"dən bu bəlayə. Axır sənin istəkli bacındım məni-müstər, Kim lütfinə bais na rəva, nazlı bəradər, Dindir məni ey munisi-can, ey dili-xahər, And verrəm, Hüseyncan, səni cani-şühədayə. Səs gəldi o dəm Zeynəbə şahi-şühədadən, Qurtarmayan ey Korbübəla içrə, bəladan, Çox etmə, baci, ahu fəğan cövri-cəfadan, Bundan sora səbir eylə qəmü cövri-cəfayə. Hər mahi-mühərrəmdə gəl əfqanə Sürəyya, Ahınla şərər vur belə dövranə Sürəyya, Hüzzar ilə tut şahi-şəhidanə Sürəyya, Bir təziyə kim, qabil ola sahibəzayə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agadadas-sureyya-novheler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1900). Public domain (author died 1900). Original text only.