Divanilər Ağdabanlı Qurban (1859–1934) Əldən gedər Bu cahanda istədiyim mehriban əldən gedər, Taci-təxti, cahı-cəlal, şövkət-şan əldən gedər. Bel bağlama bu fənaya, hərgiz etmə etibar, Bir nəfəsdir, bir qəfəsdir, cismi-can əldən gedər. Yerə, göyə qərar qoyan qadiri-sübhanı bil, Hər nakəsə yoldaş olma, yaxşı dostu tanı, bil. Əyrilərə qurulacaq ədalət divanı, bil, Namərdlərə olmaz onda bir güman, əldən gedər. Qurban deyər: bəndəsindən bir xaliq üz döndərə, Qurğusunu yana əyə, çərxini tez döndərə. Arifə bircə işarə, nə lazım söz döndərə, Bir nadan mətləb qanınca, yüz qanan əldən gedər. * * * Dünyada Səadətdə kəskin oldu kimin baxtı dünyada, Kani-saxa nəzər etdi, ya xoşbaxtdı dünyada. İbadətdən olma qafil, səxavətdən, həmçinin, Əgər olsa əldə varın olan vaxtı dünyada. Al qəhərin qüdrətini, unutma eylə həras, Fəxrilənib olma məğrur, geyinib əlvan libas, Həm söhbətdi, həm nəsihət, həm əldə bir əsas, Tarac oldu neçələrin tacı-taxtı dünyada. Hanı Nəmrud, hanı Şəddat, hanı Firon zülümkar? Hanı loğmanı-Ərəstun, qoymaz qala ruzigar. Hanı İskəndər, Süleyman, olan sahib-ixtiyar? Kim gəlsə beş gün qonaqdı, ölüm haqdı dünyada. Fəhlə-kəndli muzdurları, füqəranı dağlayan, Nərdivan var: enər-qalxar, gülər bir gün ağlayan. Nakəslərə qardaş deyib, namərdə bel bağlayan, Əqli-kamil demək olmaz, bir axmaqdı dünyada. Bişumari lənət şeytana, sədhazari-sədhazar, Xalqın malın alma əldən qoçu-quldur, ol kənar. Bir misal var: xain artmaz, ədalət açar bazar, Küllü-aləm şükr eliyər: - Xoş gün çıxdı dünyada. Məhəngsən, seç simu-zəri, sərrafısan - bax sözə, Kəlmələri şəhdi-şəkər; gah nəsihət, gah məzə. Qurbana haqdan mərhəmət, sizdən də rəhmət bizə, Dastan deyib, dəftər yazan hanı? - Yoxdu dünyada. * * * Mərd Mənim bu müşkül dərdimə kim dözüb dayana mərd, Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd. Bir kimsənəm yoxdu desin ərzimi cananıma, Birbəbir bu dərdimi söyləsin loğmana mərd. Yar gərək yardan ötrü ah çəkib, dad eyləsin, Mərd gərək meydan içində özüçün ad eyləsin. Saillərə bəxşiş edib, qəmgünü şad eyləsin, Dost gərəkdi dost yolunda baş verə mərdana-mərd. Firqətindən mən olmuşam bir dəli-divanı tək, Həsrətindən didələrim yaş tökür leysanı tək. Qəbul eylə bu gün məni, İsmayıl qurbanı tək, Hazıram yüz şövqilə olmağa qurbana mərd. Mərdi səndən ayrı salmam, razısan niyaz ilə, Durmuşam qulluğunda etiramla, avaz ilə. Mən sənə qurban gəlmişəm, kəs başım almaz ilə, Qoy desinlər: barı verdim canımı canana mərd. Qüvvətinə əhsən olsun, sən böləndə əntəri, Zülfüqara bəlgə oldu Cəbrayılın şahpəri. Sıqtı-dildən çağırıram şiri-Yəzdən Heydəri, Düldülü mərd, Qənbəri mərd - girəndə meydana mərd. Qurban deyir: yandı ürək, qalmayıbdı taqətim, Sevgilim, çıx aşikara, eyləyim ziyarətim! Sən veribsən təbi mənə, halal paydan qismətim, Tarixlərdə söylənəcək; qalacaq nişana mərd. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agdabanli-qurban-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.