Gəraylılar Ağdabanlı Qurban (1859–1934) Arasında Sevdiyim şamama bəslər, Dolanar tağ arasında. Xəstə düşsəm, könlüm istər, Bir cüt nar, bağ arasında. Canım eşq oduna yandı, Sinən nazbalış, yorğandı, Tüstüm asmana dayandı, Bir qarlı dağ arasında. Qulaç zülfünü hörsünlər, Tovuztək bəzək versinlər, Qoy Qurbanı öldürsünlər Sinənin ağ arasında. * * * Bülbüllərinən Xara qismət oldu güllər, Sən ağla bülbüllərinən. Götür qələm, bağla dəftər, Nəzmə çəkib dillərinən. Bax ətrafa solu-sağlar, Həmi bağça, həmi bağlar. Sözüm ağlar, gözüm ağlar, Aylarınan, illərinən. Qurban, söylə: - nə adətdi? Bu qəm sənə kifayətdi. İbadətdi, ziyarətdi - Qayıt görüş ellərinən. * * * Ceyran Qaşın kaman, kipriyin ox, A gözləri ala ceyran. Gül üzündən şərmisardı, Xəcil olur lala, ceyran. Öpüm gülgəz yanağından, Bəyaz, büllur buxağından, Əmim qaymaq dodağından, Bənzər ləbin bala, ceyran. Sən gül, mən bülbül həvəsdi, Bir təzə bahar nəfəsdi, Qurbana eyləmə qəsdi, Qol boynuna dola, ceyran. * * * Dağlar Qışda, yazda, yayda sənin Əskik olmaz qarın, dağlar. Al yaşıla bəzənirsən, Gələndə baharın, dağlar. Desəm dərdim, kim inansın, Məni sənə Məcnun sansın. Baisləri oda yansın, Deyim: sən huşyar ol, dağlar. Viran könlüm olur abad, Yazıq canım qəmdən azad. Səlvi ilə Qurbanı şad Eylə, murğuzar ol, dağlar. * * * Dolana-dolana Bülbül idim, gülə həsrət, Qaldım dolana-dolana. Bu canımı eşq oduna Saldım, dolana-dolana. Nəzər sal didəm yaşına, Yandım hicran ataşına, Sədəqə yarın başına Oldum, dolana-dolana, Çəkdim firqət cəfasını, Haçan sürdüm səfasını? Can deyib, can qadasını Aldım, dolana-dolana. Artıb dərdim günü-gündən, Əlli isə ötüb mindən. Qurban deyər həsrətindən Öldüm, dolana-dolana. * * * Xanım Bir söz deyim qulluğuna: Ərzim al xanım, al, xanım. Əmim şəkər məmələrdən, Şirin bal xanım, bal, xanım. Ay kimi rübənd tökülüb, Qaşlar qüdrətdən çəkilib. Dərdindən qəddim bükülüb, Olub dal xanım, dal, xanım. Qaldı səndə arzumanım, Başına dönüm, dolanım. Qurban deyir: - çıxdı canım, Yəqin bil xanım, bil, xanım. * * * Halal eylə Ana, billah dura bilməm, Mən bağrı daş, halal eylə. Yardan ayrı didələrim, Tökür qan-yaş, halal eylə. Qəm məni odlandıracaq, Canımdan usandıracaq. Axır bir gün yandıracaq, Məni atəş, halal eylə. Qurbanam, qəm qəddim əyib, Sinəmə hicran ox dəyib. Əmi, dayı, dost-müsahib, Qohum-qardaş, halal eylə. Göyçə mahalı * * * Həsrət Qaqqıldaşıb, gülüşənlər, Mən çəkirəm nalə, həsrət. Qəmnən bağrımı deşənlər, İstər canım ala həsrət. Yara yoncuyub, yalvaram, Bəlkə bu dərddən qurtaram. Şan üstündən sızıldaram, Necə zənbur bala həsrət. Gəl, pünhan deyib-danışaq, Küsdürübsən, bir barışaq. Titrər buxaq, bədən yumşaq, Etdim bu xəyala həsrət. Durna telli, quş avazlar, Qatarlanıb quba-qazlar. İnsaf edin gəlin-qızlar, Qurban, çək dal-dala həsrət. * * * Keçdi Gördüm mələklər xasını, Bir sona sallandı, keçdi. Baxdım günəş camalına, Ürək alovlandı, keçdi. Gah güldüm, gah da ağladım, Sinəmi çarpaz dağladım. Yalvarıb, ümid bağladım, Qalxıb ucalandı keçdi. Dolandım solu-sağına, Üzüm sürtdüm ayağına. Dedim: - bax sinəm dağına, Baxmadı, adlandı keçdi. Ərz etdim, ərzim almadı, Didəmin yaşın silmədi. Söylədim, dərdim bilmədi, Acıqlı yollandı, keçdi. Xəlq olub insan təhrində, Bir qulam yarın qəhrində. Qərq oldum qəmin bəhrində, Bir müddət dolandı, keçdi. Qurban, səndə laf olarmı? Qəlbi xain saf olarmı? Gözəldə insaf olarmı? Səlbi sığallandı, keçdi. * * * Kəklik Ay Salatın, bir bəri bax, Baxım gözəl gözə, kəklik. Doğra bağrım kababa tax, Sal ataşa, közə, kəklik. Gəl üzünə tutma pərdə, Əqil gedib - yoxdur sərdə. Səni görən aşıq dərdə, Çətin-çətin dözə, kəklik. Tərlan baxışına heyran, Mən xəstəyəm, sənsən loğman. Qurban canın eylər qurban, Üzün sürtsə üzə, kəklik. * * * Kəklik Gündə yüz min can sadağa, Sən kimi canana, kəklik. Həsrətəm mən danışmağa, Danış deyim: - can, a kəklik. Ala gözlüm, sən beləsən, Yanağı gülsən, laləsən. Cəmi gözəldən əlasan, Bir də yetəm sana, kəklik. Qurqal saçın aralanmış, Elə bil ay paralanmış, Ağ əllərin hanalanmış, Yoxsa batıb qana, kəklik?! Qurban vəsfini söyləsə, Eşidənlər düşər bəhsə. And içib, qəsəm eyləsə, Yazarlar yalana, kəklik. * * * Kimi Xaldı, düzülüb hər maçın, Üzə dürdanələr kimi. Tökülübdü çin-çin saçın, Gərdənə minalar kimi. Səni görəndən bəridi, Yandı, ürəyim əridi. Əqlim sərdə sərsəridi, Oldum divanələr kimi. Dağın canda qaldı nişan, Halımı etdin pərişan. Ciyar hazar, oldu şan-şan, Şandakı xanalar kimi. Qurban, yalvar yara, bir bax, Sızıldaşır yara, bir bax. Bu beymürvət yara bir bax, Dinir əfsanələr kimi. * * * Könlüm Nə qalıbsan qəm əlində, Üstü duman olan könlüm, Su üzündə gəmi kimi, Geşt eləyib dolan könlüm! El köçüb, dalda qalıbsan; Özünü oda salıbsan Xaraba tək boşalıbsan, Nədən oldun talan, könlüm? Sinəndəki kaman-oxdu, Dövran zalım, cəfan çoxdu, Qurban deyir yerin yoxdu, Ay sərgərdan qalan könlüm! * * * Niyə döndü Bir dön bəri, ərzimi al, Üzün məndən niyə döndü? Yoxsa yatıb gur taleyim, Üzün məndən niyə döndü? Gül üzünə mail oldum, Dərdindən saralıb-soldum. Qara bulud kimi doldum, Üzün məndən niyə döndü? Qəmzən ox, qaşın kamandı, Ölürəm ay yar, amandı. Bu canım sənə qurbandı, Üzün məndən niyə döndü? Dərdimi dedim loğmana, Dedi: - danışma əfsana. Ağlayaram bir zamana, Üzün məndən niyə döndü? Əzəldən baxtım qaradı, Ümidim gələn haradı?! Yazıq Qurban füqaradı, Üzün məndən niyə döndü? * * * Sinəsinnən Qoynun səkkiz cənnət bağı, Taydı cənnət, sinəsinnən. Car olub köçər bulağa, Axır şərbət sinəsinnən. Sevgim bu gün bağa gəldi, Oxuyan şeyda bülbüldü. Ətri müşki-ənbər güldü, Verir ləzzət sinəsinnən. Qurbanı saldı xəyala, Ləblərin bələnib bala, Bəlkə verə bir piyala, Qıla ülfət sinəsinnən. * * * Üstündən Usta Kərim, o qaşların, Qara çəkib ağ üstündən. Gözəl yaradıb saçların, Çin-çin, tağı-tağ üstündən. Sinəndi ağ büllur şüşə, Bəzənib qızıl-gümüşə, Açılıb nərgiz, bənövşə, Qızılgül yanaq üstündən. Zənaxdanda qoşa xal var, Camalında nə cəlal var, Ləblərində şirin bal var, Süzülüb qaymaq üstündən. Nə mayıl-mayıl baxarsan, Sinəmə oxlar çaxarsan, Yandırıb oda yaxarsan, Dağ çəkərsən dağ üstündən. Sənsiz bu Qurban sızıldar, Cismim ağlar, can sızıldar, Görsə arı şan, sızıldar, Olmaz ayırmaq üstündən. * * * Təzələnir Yenə sevgim can almağa, Qeyzə doluf gəzələnir. Ala gözlərin görəndə, Köhnə yaram təzələnir. Doymaq olmaz belə dostdan, Sinəsi bağı-gülüstan. Bir cüt qoşa nardı büstan, Öpmək, əmmək məzələnir. Dilin şəkər - dönüb qəndə, Zülfün salıb məni bəndə, Bir fürsət ələ düşəndə, Niyə qəmzə, naz elənir? * * * Yoxdur Düz sözün keçməz isbata, Yoxsul, səbəb: varın yoxdur. Möhtacam ulağa, ata, Deyir, xeyir-karın yoxdur. Şirindi dünyanın malı, Aqibət gör kimə qalı?! Mətahın dürdən bahalı, Neynim, xiridarın yoxdur. Qurban, dostu-qonağımız, Hanı eyvan-otağımız? Pozulub bağça-bağımız, Alma, heyva, narın yoxdur. * * * Var Qəmli könül şad olarmı? Əlbət dərdi-məlalı var. Yıxıbsan, abad olarmı? Canım xəstə, nə halı var. Kəklik, kətanın Gülgəzin, Bənövşə, qönçə nərgizin. Səndə bir bax, hansımızın, Yaxşı boyu, sığalı var? Ya çoxumdu, ya azımdı, Sizə bu can niyazımdı. Demək mənə nə lazımdı: Arif bilər - kamalı var. Duran gözəlllər şahının, Küllü-aləm pənahının. Şamaxının, Sürahının, Səndən doğru sualı var. Ariflər söz deməz naşı, Tanıyar gövhəri-qaşı. Sağ olsun qohum-qardaşı, Nə ki, eli-mahalı var. Söylə, baxım haralısan, Nə möhnətli, yaralısan? Hansı yola varalısan? Dur get, bizdən aralı var. Qalan payı bəstənizdə, Düşən mənəm xəstəniz də, Sürbənizdə, dəstənizdə, Qurban ovçu, maralı var. * * * Vurursan Sitəmkarsan, sən sinəmə, Yara pünhandan vurursan. Gahdan aşkar - aləm görür, Ara pünhandan vurursan. Kəskindi - müjganın almaz, Ox vurar - yara sağalmaz. Zülfün əqrəb, əfsun almaz, Mara, pünhandan vurursan. Qəmdən boynum bükdürürsən, Didəm yaşın tökdürürsən. Zülmkarsan - çəkdirirsən, Dara, pünhandan vurursan. Daş ürəkli, a qəlbi təng, Axır qanım irəng-irəng. Kamil ovçu, süzən tüfəng, Vura, pünhandan vurursan. Qurban qurbandı qaşlara, Yanındakı yoldaşlara. Yaxdın canım ataşlara, Nara pünhandan vurursan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agdabanli-qurban-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.