Qoşmalar Ağdabanlı Qurban (1859–1934) Al üstən-üstən Başına döndüyüm telli Şamama, Dərdim çoxdu mənim, al üstən-üstən. Qaşların qələmdi - alır canımı, Nə əcəb düzülüb tel üstən-üstən. Dürr kimi düzülüb üzə xalların, Bəzənib qızıla ağ barmaqların. Əmən ölməz sənin dil-dodaqların, Əzilibdi şəkər-bal, üstən-üstən. Qurbanın canısan, həm ciyarısan, Cənnət bağçasının alma, narısan. Mən öləndə bir qədəm bas, barı sən, Sallan keç qəbrimin gəl, üstən-üstən. * * * Bir-bir Qəmər üz, qadanı bu canım alsın, Sallanıb gələndə otağa bir-bir. Diləfrüzün şöləsində dolansın, Olsun pərvanələr sadağa bir-bir. Gözə qoruq yoxdu, dilə qadağa, Olum gözlərinə qurban, sadağa, Şəhdi-zülal, bal tökülüb dodağa, Öpəsən, xal düşə buxağa bir-bir. Yaşmaq altdan o tər buxaq görünür, Əzizlənib kəlağaya bürünür, Onu görən xəstə olur, sürünür, Məcnun kimi düşür bu dağa bir-bir. Günəş də tanıyır o mahtabanı, Qırmızı gül yanağından utanı, Öldür qurtar, həsrət qoyma Qurbanı, Qohum-qardaş gəlsin sorağa bir-bir. * * * Dağlar Əzəl xilqətimiz torpaqdan, sudan, Sən bizə atasan, anasan, dağlar. Pərvəriş verirsən mədhi-zəmində, Gah da məhv edirsən, fənasan, dağlar. Çətindi sağalam - çoxdu azarım, Mətahım dürr mətah - yoxdu bazarım. Düşə, ya düşməyə bir də güzarım, Səfərdi, salamat qalasan, dağlar. İnsaf, mürvət qalıb ixtiyarına, İman, ilqar bağla etibarına. Həsrət gözüm baxar bürcü-barına, Qüdrətdən yapılmış qalasan, dağlar. Mən gedirəm, səndə qaldı nişanam, Qarışıb əhvalım, çox pərişanam. Bir kəsə söyləyib, nə danışanam, Sən bilib əhvalım qanasan, dağlar. Baxıb seyrəngaha, qan ağlar gözüm, Bu qədər fərağa mən necə dözüm? Budur iltimasım, müxtəsər sözüm: Qurbanı gah yada salasan, dağlar. * * * Eylər Bilirsənmi a insafsız, a zalım, Qəzəblənsə, qara gözlər qan eylər. Mehriban danışıq, a gözəl insan, Viranə çölləri gülüstan eylər. Doğru işə düzgün plan yaxşıdı, Ölümdən qurtaran yalan yaxşıdı, Acı dildən gürzə ilan yaxşıdı, Öldürər biryolluq, ya divan eylər. Nəsiyyət söz milyon-milyon deyildi, Düzəlmədi haram, bədən əyildi. Mey içildi, haram tikə yeyildi, Bunu naqis oğlu, ya şeytan eylər. Sel başlandı, heç dolmadı boş kasam, Kamil nəsiyyətə bir qulaq asam. Nə vecinə mən dünyada olmasam, Dünya çox çaqqalı şir, aslan eylər. Zəmanə yaşatdı necə Qurbanı, Yığdığı sərvəti, xəzinəsi hanı? Yola saldı neçə şah Süleymanı, Məhəbbət qocanı şux, cavan eylər. * * * Əvəzində Gəl payəndaz eylə - ayaqla məni, Qoy sinəm tab etsin yol əvəzində. Sarınıb, sarmaşıb ağ buxağına, Əmim ləblərini bal əvəzində. Danışım dərdimi - olasan agah, İnsafdırmı həsrətindən çəkəm ah? Gecə-gündüz, sənin hər axşam-sabah, Durum pişvazında qul əvəzində. Xəstəyə loğmansan - eylə sən əlac, Varın ayağına gedər yoxsul, ac. Qapına gəlmişəm saili-möhtac, Saxada Hatəmin ol əvəzində. Ya baş alım, bi məkana yetişim, Ya çatıb mətləbə, kama yetişim, Ya vur öldür, ya dərmana yetişim, Üstümə təbibin gəl, əvəzində. Məmənin şöləsi, sinənin ağı, Deyəsən cənnətdi novbahar çağı. Öpüb şəhla gözü, məxmər yanağı, Buxağın qoxlayım gül əvəzində. Tərlan yapalağa, uymasın sara, Qönçə gül ətrini verməsin xara, Xəsbətin ürəyi titrəyər - para, Ver alım sədağan pul əvəzində. Qurbanı axtararsa düşməz əlinə, Nə deyim bimürvət qıza, gəlinə, Müştaq oldum şirin, şəkər dilinə, bir busə ver, canım al, əvəzində. * * * Çətindi Təbib yox, cərrah yox, bulunmaz əlac, Sağalmaz, qurtarmaz, yara çətindi. Zülümdü mərd ola namərdə möhtac, Yamandı ayrılıq, ara, çətindi. Hələ var dağlarda Məcnun naləsi, Gəlir qulağıma kəsilmir səsi, Qırılsa sağalmaz könül şüşəsi, Bilməz, olsa para-para çətindi. Ağlaram, gözümdən tökərəm yaşı, Sinəmi yandırar möhnət atəşi, Sərrafə yükləmək gövhərsiz daşı, Həmdəm olmaq biilqara çətindi. Bəxtəvərdi öz bəxtindən yarıyan, Xoş gün görüb yarla birə qarıyan, Axır qanım, yoxdu yaram sarıyan, Müşkül dərdə ola çarə çətindi. Tərsinə işləyir bu çərxi-dövran, Tale sən deyəni demir hər zaman, Qurban səyyad əldən uçurub tərlan, Bir də gəlib düşə tora çətindi. * * * Getmə Gözəllər karvanı yola düzüldü, Kəpəzin kəkliyi, maralı, getmə. Gözlərin süzüldü, canım üzüldü, Qoyub məni dərdli, yaralı, getmə... Bir dərd ürəyimdə var, üzdü canım, Bir də qəsd eylədi yar üzdü canım. Bülbüləm gül üstə xar üzdü canım, Bir qönçəsən səni xar alı, getmə. Qurbanam dərd qoydun azarım üstə, Bir də güzar eylə güzarım üstə. Mən öləndə bir gəl məzarım üstə Sən Allah, yar, ötüb aralı getmə. * * * Gəl-gəl Tez gəl, a mehriban, tez gəl, amandı, Dilimin, zikrimin əzbəri, gəl-gəl. Aləm ağ günəşdi, könlüm dumandı, Sənsən işiqladan göyləri, gəl-gəl. Az qalıb əlimdə alışa sazım, Göydə durnaları saxlar avazım. Qayada kəkliyim, çaylarda qazım, Göllərdə yaşılbaş nazpəri, gəl-gəl. Gözlərin qaradı, telin burmadı, Sözlərin kişmişdi, dilin xurmadı. Getdi əqli-huşum, ürək durmadı, Quruldu ədalət məşəli, gəl-gəl. Söyüdlü çayında, Qonur dağında, Sonalar, mələklər solu, sağında. Suyu şərbət olan buz bulağın da, Kişmişi, xurması, şəkəri, gəl-gəl. Qurban həm aşıqdı, həm də ki, şair, Haqqın hər vergisi bəndəyə dair. Mən dəli-divanə, sən müqəddəs pir, Olmamış ruh xəstə, sərsəri, gəl-gəl. * * * Gəldi-getdi Ey kamalı kamil olan ariflər, Dünyaya nə qədər var gəldi-getdi, Göydən yağdı, yerdən bitdi, saraldı, Daşdı sel, əridi qar, gəldi-getdi. Xəzan yetdi gülə, bülbüllər ağlar, Pozuldu bostanlar, üzüldü tağlar, Bağbanlar əl çəkdi, boş qaldı bağlar, Töküldü meyvələr bar gəldi-getdi. Arzularım mən bir doğru həqiqət, Əzilib füqəra, sahibsiz millət, Biçarə Qurbanam, çəkdim əziyyət, Ayım, günüm, ahü zar gəldi-getdi. * * * Görünməz Hurilərin şahı, gözəllər xası, Mələklər qılmanı hanı? - görünməz! Sallanıb ərkinən, nazınan gəzən, Firəngin sultanı hanı? - görünməz. Əl götürüb aşığından doyan yar, Neştər vurub, bağrım başın oyan yar, Yazıq canım nişanaya qoyan yar, Gəzirəm dünyanı, hanı? - görünməz! Bağban gərək barın qədrini bilə, Sarvan gərək nərin qədrini bilə, Zərgər gərək zərin dədrini bilə, Qurbanın cananı hanı? - görünməz! * * * Gözəl Başına dolanım, dön bəri sarı, Qamətin də gözəl, yolun da gözəl. Bu həsrət könlümdən sil qəm-qubarı, Söhbətin də gözəl, dilin də gözəl. Şairlərin dedikləri yalandı, Mələk qiyafədə əfi ilandı. Bir fikirləş, dünya kimə qalandı, Ayın da gözəldi, ilin də gözəl. Ağzımı açanda söz eyləyirsən, Yalannan küsürsən, naz eyləyirsən. Bir dəfə səhf eylə, düz eyləyirsən Əməlin də gözəl, felin də gözəl. Yüz həsrət aralı baxır kənardan, Can yanır, bulaqlar axır kənardan, El görüb, kim-kimi yıxır kənardan, Talehim şüşədir əlində, gözəl. Qurbanın üstündən bir qara çəkmə, Özünü bu qədər kənara çəkmə, Çək sinən üstünə - məzara çəkmə, Mehribanlıq gəlsin dilinə, gözəl. Qurban, möhnət səni yenə doğruyar, Cəlladım ol, cəsədimi doğru yar. Tale yaza qismətinə doğru yar, Dərd-qəm çatdırmadı, məndən mənə yaz. * * * Qoşa-qoşa Nazlı yar bağçanı seyr edib gəlir, Tutubdu dəstində gül, qoşa-qoşa. Bad əsəndə zülf bənzəyir sünbülə, Ayna qabağında tel, qoşa-qoşa. İki gözəl gördüm: biri Səlbinaz, Yeriyəndə yerə eylər qəmzə, naz. Mələk-mənzər, şirin dilli, xoş avaz, Düzülüb üzünə xal, qoşa-qoşa. Bu Qurbanın nələr gəldi başına, Rəhmin gəlsin gözlərimin yaşına. Yandırdın canımı eşq ataşına, Bu odu sinəmdən al, qoşa-qoşa. * * * Müsəlman Zimistan dolanır, tez gəlir sabah, Əyyam getməz belə mürtəd, müsəlman! Bundan sonra gələn, eşidən-bilən, Edər sizə təhniz, töhmət, müsəlman! Qoşunlar cəmləyib namlar aldınız, Qoç iyidlər, intiqamlar aldınız. Arzuya yetişib, kamlar aldınız, Ələ düşdü yaxşı fürsət, müsəlman! Bir-birinin qənimində durdular, Fürsət çağı ələ düşüb, gördülər. Qanlar töküb, nər iyidlər qırdılar, Bu binamus, bu biqeyrət, müsəlman! Hansını söyləyim mən bu qisasın? Müxtəsərin deyim, sözün xilasın. Əlsiz zənənlərin soyub libasın, Kəsdi barmaqların, namərd, müsəlman! Çalan-çapan, oğru dolandı gümrah, Füqaralar deyir: Allaha pənah. İstərəm xudadan bir ədalət şah, Qurban eylər, hər şikayət, müsəlman! * * * Nədəndi Tuti dilli, gül əndamlı canalan, Götürmürsən o yaşmağı, nədəndi? Gözlərin gözümə baxır mehriban, Qaşların qəsd eylər, yağı, nədəndi? Könül mail oldu sən kimi cana, Camalın bənzəyir mahi-təbana. Eşqin atəşinə yanır pərvana, Gəzdirirsən bu çırağı, nədəndi? Göz yaşımdan xidmətinə bir namə, Dedim yazım şərhi gəlmir tamama. Sədrin üstə bəslədiyin şamama, Gərdəndə zülflərin tağı nədəndi? Yoxsulam yanında varı görəndə, Xəstəyəm bağında narı görəndə. Tərlan iqbalında sarı görəndə, Könlüm olur qəm otağı, nədəndi? Qurban, bu dünyada gözəl çoxdu, çox, Hər birindən dəyib sinənə min ox. Sızıldar yaralar, eylərəm ox-ox! Demirsən sinənin dağı nədəndi?.. * * * Olmaz Səyə salam vermək insafdan deyil, Əqrəbə, ilana sarışmaq olmaz. Silaha aldanmaq, əbəs öyünmək, Xaini-xəbisnən duruşmaq olmaz. Təəccübəm bu qurğuya, bu fəndə, Nahaq yerə qəza salır kəməndə, Yazıq canım əhli-arif görəndə, Söyləyib dərdini danışmaq olmaz. Qurbanam, yamana qol qoyam çətin, Demərəm dünyada bir kəsin bədin, Dilim qadağadı, nə danış, nə din, Nə sirr açmaq, nə söz soruşmaq olmaz. * * * Pəri Dərviş sayaq xeyli gəzdim cahanı, Görmədim sənin tək bir insan, Pəri! Xaliqin hökmülə xəlq olunmayan, Nə yaraşıqlı mələk, nə qılman, Pəri! Qamətin əlifdi, peykanın nundu, Surətin mələkdi - sevmək qanundu, Atəş gözlərdədi - üzülən candı, Gərək doğru olsun yol-ərkan, Pəri! Boşalan dünyadı, dolan dünyadı, Həqiqi dünyadı, yalan dünyadı, Verdiyini əldən alan dünyadı, Nə sevgi qalacaq, nə cahan, Pəri! Şəkli-şəbahətdə qeyri təhərsən, Hüsnü vücahətdə şəmsi-qəmərsən, Qan ağlaram - hər yadıma düşərsən, Ağlar didələrim, tökər qan, Pəri! Dərd, qəmim taladıb - ürəkdə məlal, Getməz gözlərimdən firqəti-xəyal. Dərdim çoxdu - deyim yaz, dəftərə sal, Neçə ki, zülfünə yoxdu san, Pəri! Bağ bənzəməz hərgiz behişt bağına, Sar yaraşmaz qoysan tərlan yerinə. Qəm dəryadı - qərq olmuşam dərinə, Təlatüm eyləyir min tufan, Pəri! Göz axtarar, könül istər - çatmaz əl, Xidmətinə namə yazdım, dil əfsəl, Qurban beynəvadı, sal yadına gəl, Can mənim, can sənin, bir də can, Pəri! * * * Sən Füqarə mən, biçarə mən, yazıq mən, Bimürvət sən, sitəmkar sən, zalım sən. Nə müddətdi dildarına həsrətəm, Səbəb nədi, soruşmadın halım sən?. * * * Şirin-şirin Vəhşi maral kimi gəzir səhrada, Ovçu, ov qaçırdın, an, şirin-şirin. Nə buyursan mənim üçün xoş gəlir, Məni ya kölə, ya qul, san şirin-şirin. Gül üzün görəndə könül şad oldu, Möhnət artdı, dərdim genziyad oldu. Ey pərvana, sənə qismət od oldu, Düşüb ataşlara yan, şirin-şirin. Sən gedən yollara qurban düzülsün, Gəlin qulluğuna qılman düzülsün. Sən canın bəri bax, bu can üzülsün, Qoy axsın didəmdən qan, şirin-şirin. Apardı sərimdən əqli-huşumu, Ahu-fəqan eyliyibsən işimi. Zarıncı halınan qoyum başımı, Verim sinən üstə can, şirin-şirin. Dünyanı yaradan asan yaratdı, Neçə min dərdlərə dərman yaratdı. Aşiqi gözələ qurban yaratdı, Qurbanı qurban et sən, şirin-şirin. * * * Yaxşıdı İnsana mərhəmət ola kəramət, Baxtıla fərasət, kamal yaxşıdı. Kişi atasının öz oğlu gərək, Loxmadan, nütfədən halal yaxşıdı. Tut nəzərdə sən bu çərxi-gərdişi, Gecəli-gündüzlü yazınan qışı, Arif olan özü bilər bu işi, Eləmək dərindən xəyal yaxşıdı. İnsan oğlu, mütləq inan, yəqin bil, Mötəbər həqiqət əfsanə deyil. Firqeyi-şeytana nəsihət deyil, Təsir etməz zurna, qaval yaxşıdı. Dağıtma fikrini, itirmə huşu, Məhək seçər qəlpi, qızıl, gümüşü. Tamahkar sənətkar, bədnəzər qonşu, Heç deməz: camaat, mahal yaxşıdı. Qurban, yaz nəsihət, yadigar, ustad, Yaxşını, yamanı eyləyir isbat. Vicdansız kişiyə həyasız arvad, Deyir: zəhmət pisdi, sığal yaxşıdı. * * * Yaşadım Sadiqlikdi, səxavətdi sənətim, Gur məclisdə, ağır eldə yaşadım. Halal nemət oldu şirin qismətim, Düz ilqarda, doğru yolda yaşadım. Araz çayı qanlı göz yaşım oldu, İnsanlıq aləmi qardaşım oldu. Nə gileyim, nə də savaşım oldu, Düz kəlmədə, şirin dildə yaşadım. Ayrı yaşamazdıq, nə mən, nə də sən, Əllərin kəsilsin, ay ara kəsən. Füzuli naləli, vətənim vətən, Sarayda yaşadım, çöldə yaşadım. Qurban, səcdə eylə namazın üstə, Bülbüllər oxusun avazın üstə. Qasımın, Abbasın məzarı üstə, Oldum həmişəlik xəstə, yaşadım. * * * Yoxdu, yox Ağa, şikayətim var qulluğuna, Zərrəcə sözümdə yalan yoxdu, yox. Göstərdim cərraha, təbib-loğmana, Dedilər: bu dərdə dərman yoxdu, yox. Yardan ayrı dözə bilməm, neyliyim, Alışır dəhanda, odlanır dilim. Bu dərdin dərmanı ölümdür, ölüm, Sağlığıma daha güman yoxdu, yox. Kərəm qılıb mətləbləri bitirən, Həsrətləri bir-birinə yetirən; Ay Qurbanı qulluğuna gətirən, Görərsən ki, bir də Qurban yoxdu, yox. * * * Vaxtı Bir canda ki, ola sümük azarı, Oynar, durmaz dəf olan vaxtı. Yaxşı-yaman bilməz, danışar hədyan, Əqli sərsər olar, kef olan vaxtı. Bağban bar bəsləsə barı çox istər, Xəstə meyli qarı, narı çox istər, Acgöz doymaz, dövlət-varı çox istər, Şadlanar dövlətə, nəf olan vaxtı. Qurban, insan varmı dərdsiz, vərəmsiz, Mətləb yazmaq olmaz kağız, qələmsiz, Qul xətasız olmaz, ağa kərəmsiz, Bağışlar əlbəttə səhv olan vaxtı. * * * Var Əziz dostum, bir ilqarın ucundan, Başı-candan, külli vardan keçən var. Doğru sözün, etibarın ucundan, Bağçadan, bağlardan, bardan keçən var. Fələk çəkən sinəmdəki dağlardan, Xəbərin yox mənim kimi ağlardan, Qanlı gədiklərdən, qəmli dağlardan, Daşqın seldən, dəryalardan keçən var. Uca dağ başında qarı saxlayar, İgid namus, qeyrət, arı saxlayar, Tərlan itib, səyyad sarı saxlayar, Dərdi artıb sədd-hasardan keçən var. Vurursan sən məni möhnət daşıynan, Üzümə xətt düşüb didəm yaşıynan, Alışıb yanan var eşq ataşıynan, Pərvanətək balü pərdən keçən var. Bu dərd qalsa qiyamətə sinəmdə, Sərf eylərəm sata-sata sinəmdə, Bax həsrətə, bu heyrata sinəmdə, Qurban, qorxma günahlardan keçən var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agdabanli-qurban-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.