Təcnislər Ağdabanlı Qurban (1859–1934) A qalanmasın Qəvvas cumub dəryalara a dalsın, Nabələd kənarda, a qalanmasın. Mərd iyidlər çörək versin, ad alsın, Namərdə güvənib ağalanmasın. Keçib üç yüz otuz ay sənəm indi, Şölələnib gündə, ay sənəm indi. Yar desə: ləbimdən, ay sən əm indi, Nə ki xəstə həsrət, a qalanmasın. Qurban qüdrət eldə yada saldı yar, Təbib sənsən, aç yaramı saldiyar. Hər kim səni məndən ayrı saldı yar, Öləndə beş ərşin ağ alanmasın. * * * A narın-narın Dil, zikr elə, nə şirindir yar adı, Qayin cinmi gəlir, a narın-narın. Əta qılsa, can təzədən yaradı, Gah yaxır səqərin, a narın-narın. Nə alidi, nə alçaqdı a qala, Yar istəyir yar yanında a qala. Sənginərsə, eşq ataşın a qala, Yandırırsan yandır, a narın-narın. Dərdi-hicran artır hərdən yar, aşır, Çin-çin saçın qəddi dala yaraşır. Tez yetirsən ağlıyanda yara şir, Qurbandan gizlətmə, a narın-narın. * * * A yara bax-bax Nə müddətdi həsrət qaldım didarə, Gərdiş uzaq saldı, a yara bax-bax. Çəkmək istər zülflərindən didarə, Nəinsaf, bimürvət, a yara bax-bax. Qınamayın məni ellər, obalar, Tərlan itib, sar yapalaq ov alar. Qəm qəhr edər, sıxar bağrım ovalar, Vurar yaram üstə a yara, bax-bax. Qurbanın sən dağlayıbsan sinəsin, Əvvəl gərək yar yarını sınasın, Bir daş vurdun, şişə könlüm sına-sın, İstəyir güldürə əyyara, bax-bax. * * * Ağalar məni Mərizəm, ərz edim dil, ağla qana, Möhübbət ataşa a qalar məni. Yoldaşım Leylisiz sel ala qanə, Qınamayın, bəylər, ağalar məni. Çəkibdi səməndin yara bir də min, Söhbətin söyləyim yara bir də min, Vurub o sinəmə yara bir də min. Dərd üzər canımı, a qalar məni. Naqə dönməz, çəksən gedər ovsara, Qəsdim budur: şikar olma ov sara, Qurban öldür, gəl sərini ov, Sara, Ölsəm kim dəfn edər, ağ alar məni. * * * Ay əsir-əsir Ox kimi sinəmdən keçir qəzadən, Səməndi sərsəri, aya əsir-əsir. Sitəmi-zülmüdən, cövrü-cəfadan, Ürəyim titrəyir, ay əsir-əsir. Əbrü-çeşmim dolub istər, a yağa, Alışdım eşqindən, yandım, ay ağa. Xəstə canım sənəm, saldın ayağa. Elədin zülfünlə, ay əsir, əsir. Qəm coşur ürəkdən - a daşa, desəm, Ərzimi sirdaşa, adaşa desəm. Qurbanam, dərdimi a daşa desəm, Səs çəkib verməzmi ayə, sirrə-sirr?! * * * Ayağa dürüst Ərzi-şikayətim var qulluğuna, Mültəfit ol deyim, ay Ağa, dürüst. Qəribin qürbətdə dəysən qəlbinə, Barən gözlərindən a yağa, dürüst. Vəfa edib əsba, ay ara gördüm, Xəncəl kimi bağrım, a yara, gördüm. Qəmdən bu sinəmdə a yara gördüm, Dərd əlindən düşdüm, ayağa dürüst. Qurban, qıl namazın qəzasın indi, Gör çərxi-dövranın qəzasın indi. Yox qohum-qardaşım, qaza sin indi, Çulğayıb götürə, ay ağa dürüst. * * * Ay nə gətirdi Qələm, sən arifə söylə qanalar, Baxıb camalına, ay nə gətirdi. Mən ölsəm dərdindən, kim var qan alar, Bir əlif, bir bey, nun ay nə gətirdi. Kim bilir könlümdən ya nə dolandı? Canım oda yana-yana dolandı. Dostlarım mən ilə yana dolandı, İl keçdi, gün gəldi, ay nə gətirdi? Dağ başını tutub duman, qar ala, Gərdiş gəzər, fəsil düşər, qarala. Qurban yazıq, ha dəftəri qarala, Yazmağın dəstinə ay nə gətirdi. * * * Çatha çat Nə yatırsan, aç didarın, de: hasil, Gəldi əcəl, yetdi sənə çatha çat. Sındı zəncir, gedərgisən, nə hasil? Ha cəhd elə, ha çal çəkic çatha çat. Nay nalə edər, haray yetər, a daşa, Ağlar didar, yaşın seltək a daşa. Kazranlar salsalar rəxtin, a daşa, Dəyər səngə, səs eyləyər çatha çat. Nikraillər yetişəndə əyana, Leysan deyər sirr işlərin əyana. Hazar yeki can ləhətdə, a yana, Qaynayarsan yağ içində çatha çat. Qurban, sədaqətlə eşit: sin, ayə, Əzəl gərək yar yarını sinayə. Əzrail ki, əyləşəndə sinayə Çəkər çəngəl, solar rənglər çatha çat. * * * Daldala sin-sin Sədası, ləhcəsi nə şirin əsəl, Səs çəkər - qaqqıldar daldala, sin-sin. Dərs alan dərk eylər sinayəsinə, Dahanda dəndənin dal-dala sin-sin. Saildi sərində sədaqə sinə, Aydır işıq salan sədaqəsinə. Alnında telinin sədaqəsinə - Aşiqi sədrində daldala, sin-sin. Qurban, xəstə dilin narə tez yetir, Sızıldar, çəkər ah, narə, tez yetir. Xaini səqərə, narə, tez yetir, Hərcayının sirrin daldala, sin-sin. * * * Dal əyər-əyər Diqqətindən nəzər yetir sərasər, Gələrsə təcnisə, dal əyər-əyər. Aşiq həsrət qalsa yara intizar, Dərdi-hicran qəddin dal əyər-əyər. Şirin desən şirin gələr yar adı, Can gedərsə canan təzə yaradı. Tənə dildən ciyər təzə yaradı, Qaytarsa yar-yara, dal əyər-əyər. İşarəynən qandırarsan qananə, Nə anlıya, nadan desən qananə. Ha axıtsa didəsindən qan anə, Gedən gəlsə geri, dal əyər-əyər. Qurban, sənsiz el ağlıyar, ay yanar, Eşq ataşın yanar canda, ay yanar, Xəstə istər yetişərsə, aya, nar, Alçalı ağaclar dal əyər-əyər. * * * Məni Tərlandı baxışın, gözün can alan, De çək caynağına, di darə məni. Hərdən şölələnir o gül camalın, Tel deyir şanəyə: di darə məni. Zülflərintək olmaz əqrəb, nə də mar, Çalmaq üçün yoxlayırsan nə damar? Qaşqabaqdan qəhr-zəhri, nə damar? Öldür, qoyma həsrət didarə məni. Yar, gərdənin ər-ər kimi minalə, Bülbülə gül neylər olsa min nalə, Bir canım var, qəmzən istər minalə, Qurbanam, çəkdirmə di darə, məni. * * * Həyayə hey-hey Şahinə nə qaynaq çalar qarğalar, Nəzər sal qadında həyayə, hey-hey. Qış qəhr etsə yağar dərin, qar qalar, Yaz gələr, sel axar, həyayə hey-hey. Adı həzar: yekdi, təkdi sinasən, Ərşi, yeri, xəlq elədi sinasən. Həzər ilə dəyə səngə sinasən, Gələr sin içində həyayə hey-hey. Təcnis, təxnis nə kar edər, nə də sər, Nə alçaqdı, nə alidi, nə də sər. Əli deyər: nə əyləşər, nə də sər, Nə qərəz, nə çəkər həyayə hey-hey. * * * Nə qala sən-sən Səhərdən şikara çıxsan səhraya, Nə yetiş qəzaya, nə qala, sən-sən. İrast at xədəngin səhnii-sinayə, Qeyznən, qəhrinən nə qala, sən-sən. Zəhrin nə şirindi - dağıdan dağı, Kəci nagahandır dağıdan dağı. Keçirdin sinədən, dağıdan dağı, Çıxarsan səngini, nə qala, sən-sən. Qurban, de taleyin qaralar indi, Gədikləri kəsər, qar alar indi. Can yanar eşqindən, qaralar indi, Nə sal atəşlərə, nə qala sən-sən. * * * Ol saqi misal Məcazı-məclisə, təri-təcnisə, Dolandır saqini, ol saqi misal. Yar dəstində nuş elərəm, acısa, Doldur stəkana, olsağını sal. Arif üç hərf ismə sayə tez tapar, Ruhum irəhmindən saya tez tapar. Yaram şəfalanıb saya tez tapar, Zülfündən üstümə ol saqini, sal. Beyvəfadı - gördüm yarı yandırar, Yarıb bağrım bütün yarı yandırar. Eşqin rəhm eləməz, yarı yandırar, Qurbanı öldürsə ol saqini sal. * * * Yara qal indi Könlüm çox istədi yarı göreydi, Yaraşarmı qoyxa yara, qal indi. Çəkə bu dərdimi - yarı göreydim, Ölsəm barı sala, yar, a qal indi. Gör sinəmdə belə yar arı dağlar, Sızıldar bal deyin yar, arı, dağlar. Sən bəslə yar üçün yar arı dağlar, Səfalı yaylaqlar, yara qal, indi. Tifl olan büsatın hər ay əmməni, Qafreyi-teyi, nə hər ayəm məni. Gətirmə naleyə, harayəm məni, Daha sağlığınan, yara qal indi. Qurban yandı şəmin ayağı kimi, Niyə kəc baxırsan, a yağı kimi. Siyah zülfün çalıb a yağı kimi, Ürəkdə yadigar yara qal indi. * * * Yaradan məni Qaşların alır can, ay gözü tərlan, Zənbur kimi şanda yaradan məni. Kipriklərin silah, sinəm nişanə, Gizlə, pünhan eylə, yaradan məni. Qoynundakı nardı biri dalmasa, Bənzər şamamaya, biri dalmasa. Qonum, qohum, qardaş biri dalmasa, Sən özün al qanım, yaradan məni. Qurbanam, yar üzdən nə qalə canım, Salıbsan qovğaya, nə qalə canım. Nə yandır atəşə, nə qalə, canım, Nə öldür, bu odlu yaradan məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/agdabanli-qurban-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.