Şeirlər Arif Şirvani (1786–1866) Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tutur Aləmin məmurəsin hər gündə bir sultan tutur, Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur Gah maliki-mülki-həft iqlimə bir məmluk olur, Kim onun hökmünü yüz min sahibi-fərman tutur Gah bir hinduyi-müqbil əl tapar Çin mülkünə, Gah bir rumi sərasər xitteyi-İran tutur Gah olur məhrəm, hərimi-vəsldən məhrum olur, Gah bəzmi-vəslə məhrəm guşeyi-hicran tutur Bəzmi-dövran xali qalmaz, hər gələn durmaz, gedər, Ey basa, bu bəzmdə Arif yerin nadan tutur * * * Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz, Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz Ləbindən busə hər kim alsa, əl-ömr əbəd, billah, Zülali-Xızrı yad etməz, xəyali-cami-Cəm çəkməz Təmaşayi-fəzayi-gülşən könül edən aşiq, Keçər başından, amma ol təmaşadan qədəm çəkməz Cəfa yetərdir mənə əğyardan, cövrü-sitəm səndən, Mənə rəhm elə kim bunca bəni-Adəm sitəm çəkməz Deyirlər tərk qıl yarı ki aləm oldu əğyarın, Düşən sevdayi-eşqə aləm əğyar olsa qəm çəkməz Dəm-dəm ahü-əfğan eyləməkdən halımı Arif, Nə bilsin ol kim etməz ahü-ah dəmbədəm çəkməz * * * Qəzəl: Cahani-bivəfada bir vəfalı yarım olsaydı Cahani-bivəfada bir vəfalı yarım olsaydı, Cahanda qəm yeməzdim gər cahan əğyarım olsaydı Təmənnayi-behişt və hur hərgiz eyləməzdim mən, Cahan mülkündə gər bir yari-gülrüxsarım olsaydı Yetişdi başa ömrüm, bəxt oyanmaz xabi-qəflətdən, Yetərdim təzə ömrü, bəxt ta bidarım olsaydı Mənim tək heç kim biyar yox, var cümlənin yarı, Bu qəmdən, Arifa, ölmək gərək gər arım olsaydı * * * Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılar Əbləh oldur kim cahan mülkündə daim qəm qılar, Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar Öz qəmin hərgiz yeməz dərviş əgər dana ola, Ah, nadan padşah daim qəmi-aləm qılar Kafirəm dünya və mafiyaya gər meyl etsəm, Xanlığa, sultanlığa rəğbət məgər adəm qılar Kim ki görsə yar gözün, cənnət etməz arzu, Hansı kafirdir ki cənnət xahişin bir dəm qılar Arifin könlü olur dərhəm-pərişan zülf tək, Hər zaman zülfünə canan şanəni məhrəm qılar * * * Qəzəl: Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et, Mənim tək yar yanında, xudavənda, onu xar et Mənə rəhm etməz ol, dərd üzrə dərdim artır gündə, Onu bir dərdi-bidərmanə mən kimi giriftar et Məni məhrum qıldı yarımın ruxsarına yüz gəz, Onu ya İlahi daima məhrumi-didar et Mənim hər ləhzə eylər bağrımı qan ol sitəmpeşə, Onun yarını əğyar kimi, ya Rəbbim, sitəmkar et Ömürdən qalsa gər bir ləhzə, Arif, özgə fikir etmə, Onu sərfi-duayi-izdiyadi-ömri-dildar et * * * Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu, Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu Durub dərdimə mən dərman tələb qıldım təbibimdən, Yüzünü döndərdi məndən, səlbi-aramü-şəkib oldu Mənə can qəsdin eylər müddəilər, kimsə rəhm etməz, Kimə izhar edim kim düşmənim axır həbib oldu Gözüm hər ləhzə əğyarı görər, bağrım dönər qanə, Vətəndən əl götürmək həsrətilə ənqərib oldu Ömürlər sərf edib, canlar verib canandan ötrü, Yetişdi kamına əğyar, Arif binəsib oldu * * * Qəzəl: Könül sirrinə hər kəs məhrəm olmaz Könül sirrinə hər kəs məhrəm olmaz, Vəgərnə olsa yüz min qəm, qəm olmaz Müqərrərdir mənə həqdən bəlalar, Bəlayi-nagahan məndən kəm olmaz Əsiri-dərdi-bidərmani-eşqəm, Anınçün bir zaman dili-xürrəm olmaz Səba çəkdi ayağın ol səbəbdən, Mənə qəmdən savayı həmdəm olmaz Olan məhrumi-bəzmi-yar, Arif, Əziza, bəzmi-vəslə məhrəm olmaz * * * Qəsidə: Ey mənə tənə vuran Mustafa xan Şirvan Ey mənə tənə vuran Mustafa xan Şirvan, Bax bu dibacə məzmunum, eşit ərzimə qan Bu nəcə fikir idi ol məni xoşhal edənin, Bilmədim nə oldu səbəb, aqibətin oldu yaman Bu nəcə lütfü-ətadır, bu nəcə qəhrü-qəzəb, Sabit et varsa günahım ilə adil divan Mən əgər etdiyim iqrarıma inkar oldum, Hökm qıl boynumu vurdur, sənə canım qurban Ər kişinin sözü mərdanə gərəkdir olsun, Sahib rütbə olan şəxsdə olmaz yalan Kimyadır nəzərin, surəti-əhvalına bax, Hər gədazadələrə verməklən şövkət və şan Bir məsəldir ki gəda oğlu gədazadə olur, Başına cığa qızıldan vura olmaz sultan Sənə ixlası olan dostunu eylərsən məhrum, Nəzəri-mərhəmətin özgəyə var bipayan Məni əcləf görüb, qeyr xəyal etməklən, Mahi-nov qaidəsidir, olur üç gün əryan Gənci-bəhrimdə mənim dür, cəvahir çoxdur, Bu xəridara gərək talibi-sərrafi-cahan Çəkməyincə sədəfin cismi baran-bahar, Qədrü-qiymət tapa bilməz anı dürri-qəltan Alicahlar, mənəm eybim budur, Şirvanlıyam, Yoxdu ərbabi-kamal içrə vəzir və xaqan Sədri-məclisdə mənə laf vuran kəs çoxdur, Şəxs bir kimsənədir sahib mərdi-meydan Bu səxavət ki sənin var, bu vəzir və bu nəzir, Gər mənim cuşa gələ, Hatəmi eylər dərban Bir nəfər şəxs bu dərgahda var əsli-nəcib, İşikağası Ağabəy özü tək yoxdu cavan Hacıya Kəbə qənim oldu ki gəldi qapıya, Həcərül-əsvədi soda eyləyir, yoxdu alan Vələd Ağa Səlim, Mirzə Əli, Ərzayi-Həkim, Ələ düşməz belə məlun, ləin və şeytan Baxma şeytan sözünə, qövli onun batildir, Həzrəti-Adəmi yoldan çıxarıb biiman Bu vilayətdə mənim zərbimi hər kim ki tutar, Özü bicdir ...sı qəhbə anası rəhban Mənim haqqımda sənə hər kişi bədguluq edər, Nəslini puç eyləsin batini-Şahi-Mərdan Bundan artıq danışam pərdeyi-batin açılır, Ki gərək olmaya na-məhrəmə bir sirr əyan Dadrəs hakimsən, qurə yetiş, eylə nəzər, Heç kimin rəyincə dönmədi çərxi-dövran Bu qədər qübbeyi-xərabatə bel bağlama çox, Nəcə İskəndəri mənzildə qoyub sərgərdan Nə oldu Kavusilə Key Xosrov, Cəmşid ilə Cəm, Hikmət və dəbdəbə, təntəneyi-Nuşirvan Hind həm Rum, Dağıstandan alan bac və xərac, Cığeyi-Nadirdən qalmadı asar-nişan Fikri-üqba eylə, bu şövkətə məğrur olma, Müsnəd və təxti-Süleymanı qılıbdır viran Laşərik, əhəd və qadir yekta özüdür, Cümlə müşkülləri açan ismi Qəfur və Rəhman Saxlasın hifzi-əmanında səni Rəbbi-Cəlil, Düşmənin zatilə xakilə olsun yeksan Qəsəm ol xaliqi-yektaya, ona zahirdir, Çox riyazət çəkərəm, möhnət ilə çıxdı bu can Ya mənə ruxsət ver, bir də cahangəştə olum, Zəhrimardır mənə bu şəhərdə bir parça nan Mirzə Cəfər ola Şirvanda çavuşbaşı, Gəncədə rəqsə gələr qəbirdə ol Şeyx Zaman Bu nə namus, nə qeyrət, bu necə himmətdir, Sən məni ac qoyub qeyrə edirsən ehsan Həqqə, mürüvvət deyilmi bir parça çörəkdən ötrü, Öldürərsən məni, axırda olursan peşman Tutaram bəndi-yaxa, çak-giriban olaram, Xətmi-peyğəmbər olan dəmdə qurulmuş mizan Səndən əhval tutar Saqiyi-yövmül-məhşər, Çəkilər taqət, nitqin daxi qalmaz imkan Arifa, bəndədən əl çək, saqın, Allaha pənah, Mustafa vasitə, Allahdan alam fərman * * * Həcv Nəsli-Hacı Çələbinin nəvəsi İsa bəy, Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək Şəhər Qudialda anın bir neçə həmşirəsi var, Birisi Hacı bəyin Şahvələdi, Daş Tülək Birisi Talış Mahmud, şücaətli dilir, Zərb işarə eylədi şəhi-hümayunda gərək Bəndəni həcv eyləyib Mirzə Səlim Bəlihi, Verərəm atəş, topxana yanar zənbürək Bir zaman fikr elə, bir iş gətirüm başına mən, Sənin əhvalına qəhqəhə çəkə dəryada səmək İki kəhlan bədəvi əsb, Qarabağ nəcib, Saxlayıb sənin üçün peşkəş edə Qıtay bəy Yolla Uzun Saqqalı, yaxşı cilovdarbaşıdır, Birinə Xanbutayı mindirə, birisi yedək Ölüdən halva umarsan, diridən fitrə-zəkat, Oxşayır çox sənə quzğun, sarı göz, kor pəpələk Yazmışdım ki sənin xidmətinə bir məktub, Aclığım var idi, bir qədər mənə buğda gərək Anladın buğda baha olduğunu, yollamadın, Yenə də məzdiyyə sən, qurdlu kəpək, yaş təzək Anlamaz, uzun qulaq, yastı çənə, gərdə papaq, Beyni boş, kirli sifət, fikri qürək, əqli küdək Qoyaram zin Təkəlimizin dalına mən, Qırxaram quyruğunu, sağrına vuraram dəynək Bu ki bir həcv deyildir, qala könlünün məndən, Kim ki zurnaçı ola, çaldırarım ona tütək Gər mənim həcvimi Qudialda komendant eşidə, Hökm edər noxta keçirdə başına polkovnik Arifəm rindi-xərabati, məşhuri-cahan, Saymıram mən səni gər dövlətin olsa lək-lək Kərbəla mənə nəsib ola, sənə qurs xayil, Günahım əfv elə, olsun sənə Allah kömək * * * Kitabxana.az · https://kitabxana.az/collections/arif-sirvani-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1866). Public domain (author died 1866). Original text only.