Bağlamalar Aşıq Alı (1801–1911) Gəlibdi Məndən salam olsun arif olana, Bizdən əvvəl hansı canlar gəlibdi? Kim nə dedi, kim nə gətdi, payladı? Nəfəsi yox din-imanlar gəlibdi. O kim idi, nədən hasar eylədi? O kim idi, ona nisar eylədi? O kim idi, həqiqəti söylədi? Onu bilən o qılmanlar gəlibdi. Yüz otuz başı var, haxdan gəlibdi, Yüz on dörd yaşı var, arif bilibdi. Aşıq Alı bu hesabı bölübdü, Bundan əvvəl nə fərmanlar gəlibdi?! * * * Qıfılbənd Bizdən salam olsun arif olana, Haqdan kimə üç şey yetişdi barat? Kimlər idi gəldi onun yanına İkisi şad oldu, birisi qarat? O kim idi hardan-hara atdılar? O nə idi - nədən nəyə qatdılar? O kim idi əhdi-nikah etdilər? Hansı xöşbəxt oldu, hansı xəcalət? O necə gözəldi on dörd bənnalı? Səksən min bədəni, doxsan xəyalı? Kimiylə danışır o, xoş mənalı, Kiminə eyləyir o xoş iltifat? Yüz on dörd nədi ki, gəlir bəyana? Təp-təzə olmasa, çıxmaz bir yana. Səcdə qılsan, şükr eləsən Sübhana Tapar nicatını həlli-müşkülat. Aşıq Alı deməz əfsanə sözü, Haqq nədən yaratdı qızıl öküzü? Neçə min ayağı, neçə min gözü? Neçə min tükü var gətir bir xəyyat. * * * Nədən Bir məclisdə beş sərdar var, On ikidi şam nədən? O nədi ki, on dördlərin Damağında tam nədən? İkram ilə səcdə qılar Altmış üç adam nədən? On yeddiynən hesab çəkir, Qərar gəlib Xudadan. Otuzuyla bir illiyə Dövr eləyir xanadan. Bu “əmma”nı bilənnəri Hifz edər Xudam - nədən? Xudam bir dürr xəlq eləyib, On iki min tağı var. Neçə yerdə bəyənilmiş, Müzəyyən otağı var. Alıyam hesab çəkirəm, Mətləbə çatam nədən? * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-baglamalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.