Cığalı təcnislər Aşıq Alı (1801–1911) Qövr eləyir canda zəxmi müttəsil, Çeşmim çeşmə baxdı, yara bağladı. Aşıq deyər, bağladı, Kari-bağban bağladı. Koma qurdum, dər saldım, Fələk nə tez bağladı?! Məftun oldum, canan məlhəm qıymadı, Nə baxdı, nə də ki, yara bağladı. Nainsafa müsaidin yan aram, Mahcamallar mehribansa, yanaram. Aşıq deyər, yan aram, Yavuqlaşma, ya naram! Əbəs gəl atəşləmə, Öz-özümə yanaram. Qaibana dildar sevdim - yanaram, Aqil baxdı, baxdı, ya rəbb, ağladı. Mələk misal, gəl Alını yarıdağ, Etmə qəlbin yarı möhnət, yarı dağ. Aşıq deyər, yarıdağ, Yarı dəşti, yarı dağ. Cəhdim səri kuyindi, Qət eylədim yarı dağ. Nakam Fərhad fəraqından yarı, dağ, Əbəs baxtın baxtıyara bağladı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.