Divanilər Aşıq Alı (1801–1911) Altıdı Çərxi-pirə salam edən Səyyarələr altıdı. Adınaya cəhd eyləyən Ruzilər altıdı. Əfsəl, Mürsəl gəldi-getdi Neçə rəsul dünyadan. Ünvanları bərr-haqq qılan Pür dəryalar altıdı. Altı dəsgah oxuyanlar Az qaldılar lal ola. Zənbur bu san şan hörəndə Bəhrə verir bal ola. Sanki bu san dühasıyla Uya dalbadal ola. Bətni zəmin hesabıyla Ağ-qaralar altıdı. Altı-altı məskən saldı Qüdrət aləm Quranda. Bu san ilə hesab aldı Sərdabələr duranda. Cümlə-aləm abad olar Haqqın gürzü vuranda. Dağ Yunisdən də kənar Qaçan biçarlar altıdı. Saya-saya san itirdim, Alı, son qoy hesaba. Hesabını çəkməyənə Kimsə deməz “mərhaba!”. Surəti yox meylərin, Doldur, cəm et bir qaba. Dördü xakda, cütü canda Gübaralar altıdı. * * * Bax Ey könül, qafil olma Əliyül imrana bax, Məhəmməd şəninə gələn Ayeyi-Qur'ana bax. İsmayıl getdi Minaya Ona qurban olmağa. Cəbrayıl bir qoç gətirdi Sürməli qurbana bax. Adəm ki, yedi buğdanı Bir görün nə etdilər, Ol xudadan əmr olundu Sərəndibə atdılar, Adəmnən Havva ana Bir-birini tapdılar, Həvva doxsan oğlan doğdu, Gərdişi-dövrana bax. Gəl biçarə Aşıq Alı Seç bil mövlanı tanı, Qabil vurdu, Habil öldü Eylədi nahaq qanı, Haqq-taladan əmr olundu Su götürdü dünyanı, Ol gəmiyə nicat verən Qadiri-sübhana bax. * * * Beşdi Vücudi-adəm üstündə, Fəhm et, budağı beşdi. Dörd balu-pər kənarında Seyr et, yarağı beşdi. Vuran, görən, bilən əhli Əsasıdır vücudun. Üçü aşkar, iki pünhan, Bais marağı beşdi. Şərafət nazil olanda Haşimin övlatlarına Yüz on dörd surə bəxş oldu Ol Xudadan adına. Sidqinən iltimas eylə, Yetər mömin dadına. Hökmü aşkar, özü baqi, Əsl mərd ağa beşdi. Kənar etməz bəni-insan Candan dərdi, nə qəmi. Mövciyyatı təqdir etdi, Yox tədbirin nə cəmi. Bətni ana, tifil növrəst, Əri piran aləmi. Cəm eyləsən birər-birər, Yazsan, varağı beşdi. Alı, çağır imdadına O şahların şahını. Müqəddəs xak kənar etməz Ərşi-əla ahını. Bəşər üçün kəlam yazdı Həqiqətin xakını. Söfvt, Tövrat, Zənbur, İncil, Quran sorağı beşdi. * * * Birdi-bir Ərşdə xaliq, yerdə züllah, (zühur) Evdə ata birdi-bir. Bəzək vuran, qurğu quran Kainata birdi-bir. Bu günahı keçməz xaliq, Haqq səni bağışlamaz, Ya öldürdün, ya öldürtdün- Bu cür xəta birdi-bir. Qüdrət qamət bəxş etmişdi, Fələk vurdu belimdən. Leyli-nahar car eylərəm Nəsihətlər dilimdən. Tənəli söz bəd yaranıb Qərəzlidir ölümdən. Həbib səni gözdən sala, Ya da ata, birdi-bir. Alı, səni düymaz nadan, Sərraf salar yadına. Zai-pakdan halal olan Tez yetər muradına. Əzrail gürzün çalanda Kimsə yetməz dadına. Ya bəhri-bar badə verə. Ya baxt yata, birdi-bir. * * * Bizdədi Şükür olsun ol xudaya Adil divan bizdədi, Dini məssər yolu ərkan İlqar, iman bizdədi. Neyliyirəm o məzhəbi Yoldan xarici ola Məhəmmədə nazil olan Ayeyi-Qur'an bizdədi. İncil İsaya gəlibdi, Tövrat Musaya ey dil Qur'an Məhəmmədindi, Sən gəl onu yəqin bil Dörd çeşmədən ponqar axar Həqiqətdə durar göl Girməynən ki, qərq olarsan Dərya, umman bizdədi. Göylərdən dörd kalam endi, Məhəmmədə Qur'andı, İnşallah ki, möminləri O dardan qurtarandı. Gəl qəm çəkmə, Aşıq Alı, Ağan Şahi-Mərdandı Penci-ali Sahibzaman, On iki imam bizdədi. * * * Bu gün Gözəllər, mətəl qalmışam, bir belə xublara bu gün – Ağlımı aldı başımdan, günüm oldu qara bu gün, Ah çəkdim, fəğan elədim, etmədi bir çara bu gün, Cismimi büryan elədi, axır yandım nara bu gün. Gözəlləri sana çəkdim, bu dünyada çoxdu sayı, Keykavusdan bəri baxdım, bəhsin etdim, yoxdu tayı, Nəfsimi oda yandırdım, Haqq-taladan alıb payı, Qaşı-gözü düz qurulub, heyranam cəbbara bu gün. Şəmsül-Məlik zamanından belə gözəl görməmişəm: Tellərini sığallayıb, saçlarını hörməmişəm. Düşdüm ərəsət düzünə, sərgərdanlıq oldu peşəm, Zülmü-sitəm etdi mənə, neyləyim əğyara bu gün?! Çox dolandım bu dünyanı, tutiyəsin çəkdim gözə, Sənin tayın Reydə gördüm, mufsid olma, qoyma sözə, Hicridə tənha qalmışam, salıbsan manqala, közə, Ay Məleykə, imdad elə, bir busə ver, yara bu gün. Kirpiklərin neştər kimi, qəhr edirsən yaman mənə, Tuti-zəban, yandı canım, rəhmin gəlsin aman, mənə, Alı deyər: yar olasan, a qaşları kaman, mənə, Qulun ollam illərinən, məhbub ollam vara bu gün. * * * Danış Yaranannan bu dünyada, Nə bacarsan az danış, Meyl eyləmə əyriliyə Həmişəlik düz danış, Dalda qalma bir adam ol Sayılanda az danış, Alimlərə meydan oxu Dərdə dərman yüz danış. Ataların misalıdı Bu dünyada beş günlük, Qapılarda yetim qalır Yaman dərtdi düşkünük, Elə ki, ölüb gedəndə Yas tutanlar üç günlük Paya düşən bu dünyada Beş arşındı bez, danış. Çox düşünmə, Aşıq Alı, Qohum da yad kimidi, Əmi-dayı, qardaş-bacı Yandıran od kimidi, Hamsı başa qaxınc olub Quruca ad kimidi, Nə olsun ki, ay biçarə İstəyirsən yüz danış. * * * Dilimiz Nisgillinin ürəyindən Apardı dərdi dilimiz. Xəstənin, naəlacına Dərmanın verdi dilimiz. Bir sözü yüz mənalıdır, Gör necə sirdir dilimiz. Mətahını ucuz satma, İncidi, dürdü dilimiz. Məclis qurdum oba-oba, Donluq verib donladılar. Dolandım Bəsrə-Bağdadı, Salam verdim, anladılar. Gəzdim İranı, Turanı, “Qardaş” -deyib, yanladılar, Osmanlıda türkü dedim, Gördülər birdi dilimiz. Bənzədibdi Aşıq Alı Ləfzidə bülbülə onu. Oxuyuban avaz ilə, Tanıdar hər elə onu. Toxunan olsa bəndində, Qərq eyləyər selə onu. Daşanda görmə üzünü, Arazdı, Kürdü dilimiz. “Kommunizm yolu” qəzeti, 14 iyul 1983-cü il. * * * Dörddür-dörd Ay səf çəkər il işində Həftə kafi dörddü-dörd. Bahar fəsli yek sel eylər İftixarı dörddü-dörd. Həsdir, Kəbə, Nəcəf, Məşhəd Səcdəgahlar diyarı. Uçar qonar mürği-ruhum Pir diyarı dörddür-dörd. Cahargahnan qərar tutdu, Əşya yerdə dayandı. Sənət sərmayə höhmündə Sayaları bəyandı. Səməndərin cismi-canı Odda söndü, həm yandı. İstər uçan, istər qaçan Balu-pəri dörddür-dörd. Şəmsi xilqət şərəflidir, Ululardan uludu. Kərəm eylər nanu-nəmək Bəhrələnib, doludu. Gərdişimə növraq verən Səltənətin yoludu. Bəyan edir cəhətləri, Ünvanları dörddür-dörd. Neçə çeşmə qərar tutdu Müdam nəhrin içində, Neçə nəhr ümman oldu Saysız qəhrin içində, Neçə ümman dərya oldu, Bir sehirin içində. Dəryaların pür dəryası, Nəhəng varı dörddür-dörd. Hey oxudum, hey aradım, Axır qaldım bisavad. Fəzli elə bir həmdəmdi, Kimsənəyə deyil yad. Aşıq Alı, zikr eylə, Abı, atəş, xakı, bad. Aşkar etdim dövranımın Səbəbkarı dörddür-dörd. * * * Gəl Kəndinə aşığam deyən, Aşıxsan meydana gəl Namərd girməz bu meydana, Mərd isən meydana gəl. Kəndi olan kəndisini, Öyməyi layiq döyül, Şimdi sazın aləminə, Bu cəngi-dövrana gəl. Ey arifə, bir salam ver, Soruşum halın görüm, Həqiqət haqq aşığısan, Söylə, kamalın görüm. İncil, Zəbur, Tövrat, Qur'an Göstər kitabın görüm. Dostum, əgər bütpərəstsən, Bu narı-neyrana gəl. Mən Alıyam tamam leyli- Nəhar söylərəm mədhi, Mərifəti, şəriəti, İnnəqan haq, təriqəti, İsayısan "İncil"i sev, Musayisan "Tövrat"ı. Gər Məhəmməd ümmətisən, Boyun əy, "Qur'an"a gəl. * * * Gələcək Qövlü bəla belə qurulub Həqiqət dövran gələcək. Mən deyirəm yəqin bilin Qiyamət divan gələcək. Çalışgınan savab qazan, Savabsıza yan gələcək. Somu Salatınnan bezən, Qətranı qazan gələcək. Anadan olduğun günü, Bilginən ki, qəzan vardır. Nə iş tutsan bu dünyada, Xeyir-şəri yazan vardır. Sağır-fağır incitməsən Yaxşı əməl düzən vardır. Torpaq altda lət içində Nəkreyilə can gələcək. İnsi-cinsi ol yaratmış Çəkəcəkdi qəhri-qəza. Onun tutduğu əmələ Verəcəkdi əhli cəza. Çalışgınan yetim doydur Pis əmələ uyma əsla. Uruhlar da cəm olacaq, Qıl körpüyə can gələcək. Tam uruhlar ərəfəyə Tamam orda cəm olacaq. Nameyi əməl əllərində Sorğu-sual qurulacaq. Yaxşı əməl ol cənnətə Pis əməlli tam yanacaq. Ərəsət məhşər olacaq, Sahib əzzaman gələcək. Cəm olarlar ərəsətə Məhəmməd Mustafa gəli, Aşıq Alı, sənin ağan Əliyi Mürtəza gəli. Fatimeyi Zəhra ilə Həsəni Müştəba gəli. Zülüm ərşə dayananda, Şafeyə Hüseyn gələcək. * * * Gözlə, gözlə sən Mənəm bağban, sənsən bağça. Bağı gözlə, gözlə sən; Doldurubsan, ver qədəhi - Sağı, gözlə, gözlə sən. Nairzalı girmə bağa, Bəlkə qəbul etmədi; Əl uzatma, sındırarsan Tağı gözlə, gözlə sən. «Lam» Leylidi, «mim» Məçnundu, Məcnun yə'ni ki, cünun; Xirqəni çək başına, Bədə yerində bürün; Leyli vədə verdi, bir il Onu gözlədi Məcnun; Mənəm Leyli, sənsən Məcnun, Dağı gözlə, gözlə sən. “Əlif”-Allah, «bey» - peyğəmər, «Mim»- Məhəmməd Mustafa; «Cim» –Cəbrayıl vəhy kətdi, Yazılıbdı xoş səda; Şə'ninə ayə xətm olu, Əlasan, qulkəfa; Alıiın köysünə çəkmə Dağı gözlə, gözlə sən. * * * Gözlə-gözlə, sən Mənəm bağça, sənsən bağban, barı gözlə-gözlə sən, Zəhmət çəkib gül becərsən, xarı gözlə-gözlə, sən, Şeytan olub ara vurma, arı gözlə-gözlə, sən, Qulağında sırğa olsun, varı gözlə-gözlə, sən. Zimistanda çıxma yola, boran olar, qar olar, Ər igiddə namus olar, qeyrət olar, ar olar, Yağar çalpoy, əsər boran, toplananda qar olar, Mən bir dağam sinəm üstə, tarı gözlə-gözlə, sən. Aşıq Alı leylü-nahar, səsləyibdi hey səni, Cəbrayıla ustad olan, ey ərənlər sərvəri, Xəlq olandan Adəm ata, həm də ki Nuhdan bəri, İstərsən tərlan olasan, barı gözlə-gözlə, sən. * * * İkidi Əbcəd ilə “a” oxudum, Ol Allahı bir bildim. Yaradandan qeyri nə var, Bu həyatda ikidir. İki “sə”ni bir oxudum, O billahi bir bildim, O billahın hikmətində Süd də, zat da ikidir. Bədənində düzülübdür Əzaların iki şər. Ölüm-dirim ikilidir, İkiləşər xeyir-şər. Səbir cütsə, səbir eylə, O cütlükdə yoxdu şər. Usta birdir, nə yaradıb, Hesabatı ikidir. Cüt ünsürlər iki yerdən, İki göydən birləşər. Abı, atəş, xaki-baddan Ruzi tapıb bu bəşər, Dərin fəza boş deyildir, Ordan yerə nur düşər… Alı, cütlük təzaddır, Hər bir qatda ikidir. * * * İstərəm Mənim könlüm qüssəlidi, zülməti dan istərəm, Nə malı-mülk, nə var-dövlət, nə şöhrət-şan istərəm, Nə müddətdi, xəstə düşdüm, təbib gəlməz yanıma, Şahlar şahı, irəhm eylə, dərdə dərman istərəm. Çoxlarına bel bağladım, dedim; “mənə yar olar”, Çox çəkmişəm, çox görmüşəm sinəm üstə yaralar, Öz xalqına qəbir qazan, xain, qəlbi qaralar – Fələk gərək qələm çala cismin büryan istərəm. Aşıq Alı, ol Xudadı cansızlara can verən, Öz yolunu bilməyənə məhşərdə fərman verən. Mətləbini hasil edib, oğlunu qurban verən, Bar-ilahim, mətləbimi mən də hər an istərəm. * * * İşin nədi Havalanma, dəli könül, Zorunan işin nədi? Mənsur təki Hələbdə Dannan işin nədi? Tut orucun, qıl namazın, Şükür et Allahına, Yoxsulsan alçaqdan yeri, Varınan işin nədi? Mənəm deyən başa varmaz, Mənəm demə gerdə dur. Əl ki gördün qan içində, Çək ətəyin gerdə dur. Həqiqət, mərifət haqdır, Təriqətdə gerdə dur. Kəc baxma ustad yoluna, Pirinən işin nədi? Gəl, biçarə Aşıq Alı, Qafil olma dilindən, Şükr eylə iqbalına, Cüda düşmə elindən, Əl uzatma hər deşiyə, Şahmar vurar əlindən, Sən ki, ovsunçu deyilsən, Marınan işin nədi? * * * Qırmızı Həzrət əmir bayram günü Geyinib don qırmızı, İsmayıla gəldi qurban Töküldü qan-qırmızı. Oxudu "İsmi-əzəm"i Bağladı zülfüqarı, Çaldı qılıncı Əntərə, Oldu meydan qırmızı. Buyurun mirzələrə Belə yazsın yazını, Öz-özünə fikr eyləsin Xub danışsın sözünü. Aşıq gərək püxtə olsun Xam bilməsin özünü, Girsin eşqin kürəsində Pişsin büryan qırmızı. Deyər Aşıq Alı uçub Bu könlümün pərgarı, Ustada qulluq etməyən Kim olar xiridarı. Mənnən bəhsə duran aşıq Gəlsin dursun üz barı, Sərraf mənəm, istiyirəm Ləli-mərcan qırmızı. * * * Mərd Məhəmmədə xaliq özü, Göndərdi Qur'anı mərd. Altı min altı yüz altmış ayə, Yüz on dörd surəni mərd. İlahidən nazil oldu, Göydən endi dörd kitab. O, Qur'ana baş əyənlər, Tez tapır imanı mərd. Beş kəlməyə aşiq olan, Sinəsi dəftər gərək, Haqq-taalanın min bir adı, Dillərdə əzbər gərək, Bu aləmə zülm eyləyən, Olmaya rəhbər gərək. Açıb cənnət qapısını, Göstərdi rizvanı mərd. Gəl, biçarə Aşıx Alı, Xəbərdar ol dünyada. Uca könül, alçaq saxla, Havalanma dünyada, Haqqın min bir adını gəl, Gündə üç yol sal yada. Vaqif ol, haqqın yolunda, Gəl eylə tövbəni mərd. * * * Nədi Bar ilahim divan budu Yetişə dada, nədi? Müxənnət haqqı unudub Heç salmaz yada nədi? Girmə nadan məclisinə Qədir bilən olmasa, Hərcayı hədyan deyər Bəy nədi, gəda nədi? Zatı pakı halal olan Çaşqın olmaz xanadan, Mətləbini tez yetirər Yeri-göyü yaradan. Tər gedibdi sumu salat Əlin çəkər üqbadan, Titriyər polu siratdan Heç tapmaz cüda nədi? Ey Alı, dosta yetir, Dostdan dosta al olmaz, Həqiqətdən dərs almıyan Şəriətdən hal olmaz, Şəriətdən kamil olan Yetgin olar, kal olmaz Gəşt eyləyər dəryalarda Çay nədi, ada nədi? * * * Sənəm Cümə günü ürcah oldu Yandı canım nara, Sənəm. Baxıram mah camala, Oluram avara, Sənəm. Çəkirəm həsrətini Sinədəki vara, Sənəm, Gözlərimnən axıdıram Ab ilə leysanı, Sənəm. Heyranam ol Xudaya, Sənin tək insan yaradıb, Tarixdə görməmişəm, Bir belə ceyran yaradıb. Züleyxa dünyada nədi, Səni onnan can yaradıb, Rəhm elə mən yazığa Bir busa ver barı, Sənəm. Qaşın qara, gözün qara, Olmuşam divanə kimi. Saçların düşüb dizinə, Behiştin qılmanı kimi. Gözlərinə baxmaq olmur Türkmənin sultanı kimi. Bir bəri bax üzün görüm, Qardaşının canı, Sənəm. Çox sağ ol, rəhmin gəldi, Ülfət qıldın can görürəm. Sən Alıya məhəl qoydun, Çox nəcibsən xan görürəm. Namizədsən öz yarına, Öz qəlbimi yan görürəm. Sən mənə bacı oldun, Məhşər günü tam, Sənəm. * * * Üçədir Bəni-insan xəlq olandan Hesabatı üçədir. Kəlmeyi-şəhadət beytin İlk misrası üçədir. Dövran açdı sirrini, Küllü-aləm yarandı. Zat, süd, övlad gərdişinin Davaməti üçədir. “cim”,”bey”, “əlif” bazarında Sövdəgardi kafi-cim. “kafi”i, “bey”i əl-ayağı, “vov”u əlsiz ərəccim. “kafi”i -“cim”də bir “əlif” var, Nəqş olunub çox nəcim. Üç səqirə dayaq dövrü Kəraməti üçədir. Nuh övladı xidmətində Vurar başa, ayağa. Gah dayağı olar başda, Gah ayaqdır dayağa. Bu bazarda xidmətini Bacarırsan say ağa. İki yolla dövran eylər Hər sifəti üçədir. Yek yaradan, du yaranan Gözəllikdə gözəldi. Cəmi üçə dəlalətdi, Cümlə aləm düzəldi. Aşıq Alı mürəxxəsdi, Bu dünyadan üz əl di. İki dayaq bəs eyləməz Tələbatı üçədir. * * * Var Ey dilim, qafil olma, Bir sirri sübhan da var, Müşkülə kömək olan Dərdinə dərman da var, Namərdi başa qaldıran, Mərdi zəlil eyliyən, Ol sərdən ayağa salan Gərdişi-dövran da var. Bu dünyanı viran yazır, Bəs abadan hardadı, Bülbülə soçu safa ol Gülüşan hardadı Bu dünyaya sahib olan ol Süleyman hardadı? Məhşərətən bir üz deyən Hakimi-loğman da var. Min gözün müşkül Alı Gör hardadı şahı Nəcəf, Ərəbi qiblə səmtinnən Gəldi bir şeyxi-ərəb, Əyləşdi Merac yolunda Mustafa atdı tişa, Həbibinən seyrə çıxan Çox əziz mehman da var. * * * Verir Bu gün bir hikmət görmüşəm Aləmə iman verir, Yediyi təkrar yeyilir, Hamsını tamam verir. Özü aləmi doyurur, Nalə çəkir acam mən, Onun nə ki, yeməyi var, Cəmini insan verir. Bir başı var, bir ayağı Qafası göydə durur. Çəkilibdi kamanıya Dabanı ayda durur. Nə vaxtı var, nə vədəsi, Hesabı sayda durur, Hər gələndə xərac alır, Hesabınan san verir. Gəl, biçarə Aşıq Alı, Qoyma ola sözün kəc, Onun bir adəti vardır, Gah tox olur, gah da ac. Özü elə hökm eləyir Hər gələndən alır bac, Doğruluğnan hesab alır, Düzlüyünnən nan verir. * * * Verir Bir mərdə qonaq gedəndə, gülə-gülə nan verir, Namərd bir mehman görəndə, görərsən ki, yan verir. Hanı Hatəm kimi Hatəm, süfrə sala, ad ala, Hanı Loğman kimi Loğman, xəstələrə can verir. Bir adamdan Allah alsa, gündüz ona gecədi, Bir adama qarğış keçsə, çalışdığı becədi, Bir adama alqış keçsə, onun haqqı ucadı, Bir adama Allah versə, görərsən hər yan verir. Davud kimi nəbi hanı, qəmləri dəm eliyə, Həmzə kimi igid hanı, rəqibi rəm eliyə?! Süleymantək Süleyman yox, aləmi cəm eliyə, Kişi olan el yolunda canını qurban verir. Qocalıbsan, Aşıq Alı, sığın haqqın adına, Gecə-gündüz zikir eylə, beş vaxtı sal yadına, Uzaqdan çağırarsan, yaxından yetər dadına, Zəlillərin mətləbini, ol Şahi-Mərdan verir. * * * Yeddidi Xaki-zəbun ünvanında Cəm turabı yeddidi. Səri-kuydə çeşmə birdi, Xalis abı yeddidi. On ikidi abdal sayı, Əllikidi əzası. Hər əzanın qüdrətindən Şabı-tabı yeddidi. İxtisar eyləmə ayət İki cismin kəc deyə. Yetiç elin harayına, Yubanma fəraq deyə. Fərbah deyə kar eyləsən, Düşsən haqqa səcdəyə. Əzalardan xaka dəyən Can hesabı yeddidi. Sər hesaba, qəlb hökmüylə Cisim aləm bəhrəsin, Əlvan eylər vücudları, Açar rəmzin çöhrəsin. Kimsə görməz əzaların Bir nöqtəsin, bir nəsin. Xani-cövlan edən canda Bir girdabı yeddidi. Nəzər eylə asimana, Sirri qalıbdı hesab. Aşıq Alı, çəkmə qüdrət, Hər əzaba eylə tab. Seyrə çıxıb bir bağçanı Gördüm üç tayın sirab. Səmasında cövlan edən Gərdiş qabı yeddidi. * * * Yüküm Ustadımdan dərs almışam, ağlı kamallı yüküm, Dürrü mərcan cəm etmişəm, yaşıldı, aldı yüküm, Bax bazarım calalına doğru-dürüst cavab ver, Üç yüz altmış qol qanadım, eldi, mahaldı yüküm. Aşıq, şair heç saymaram, hündür uçan səsim var, Sualıma tez cavab ver, sənnən əhli-bəsim var, Həm ölməyə, öldürməyə mənim çox həvəsim var, Al sazını, gir meydana, tam qeyliqaldı yüküm. Adımdı Aşıq Alı, həmişə baş meydandayam, Mərdi mərdanə durmuşam, qoç oğlu qoç meydandayam, Zahirdəki, bir nəfərəm, sayırlar beş meydandayam, Aç gözünü diqqət elə, cahi-cəlaldı yüküm. * * * Yüküm Atəş sallam cəsədinə, sən də nara yanarsan, Mən ki, Loğman şagirdiyəm, əmri-mahaldı yüküm. Xam xəyala dalmaginən, sonda peşman olarsan, Mən açaram dəhanımı, hüsnü-camaldı, yüküm. Bir dənə ləldən ötəri dəryalara dalmışam, Seçilmiş ləli-gövhəri sandıqlara salmışam, Mətahım dürr mətahıdı, bu diyara gəlmişəm, Yaqut nədi, yəmən nədi, elmi-kamaldı yüküm. Ustadlıq çox çətindi bax, taki birə varınca, Baş qoyum astanasına, taki pirə varınca, Aşıq Alı çox süründü xaki-pirə varınca, Zər nədi, ziba nədi ki, fikri-amaldı yüküm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.