Dodaqdəyməz təcnislər Aşıq Alı (1801–1911) Aranı tez-tez Gəldi yaz ayları, yaylaq çağıdı, Ellər tərk eyləyir aranı tez-tez. Aralansa sərin hax dərgahından, Sədaqət qısaldar aranı tez-tez. Gərdişə nəs anı sayalar, keçər, Yardan yara alsan, sayalar, keçər. Gələr allı-şallı, sayalar keçər, Aşiq qeyrət çəkər, ar anı tez-tez. Neçə ayə gəldi, yazıda yandı, Qışı atəşləndi, yazı da yandı. Alı yay ağladı, yazı dayandı, İndi yad eləyir aranı tez-tez. * * * Ay edər qıj-qıj Yağar leysan, dağda qarı əridər, Şəlalə sədası ay edər qıj-qıj. Açar xəlic, xakı salar irağa, Sədası sərində ay edər qıj-qıj. Açırsan qəşəng xan ad aşa dəyər, Yada həcər atsan, adaşa dəyər. Daşar çaylar, sellər a daşa dəyər, Səngin sədasından ay edər qıj-qıj. Ərş əlada dal qeydinə dal qalar, Qaçhaqaçda hey geride dal qalar, Aşıq Alı, şaxə qalxar dalqalar, Nərəsin çəkəndə ay eylər qıj-qıj. * * * Ayalı keçdi Yad edəndə yad ellərdə diyarı, Aşığın eynindən ayalı keçdi. Sərdə yaraşıqdı ata Ağ Aşıq, Dərsini sənədli, ayalı keçdi. Çətin ki, daralar yaşada səni, Asi eylər haqqa, ya şada səni. İslansan, salarlar yaşa da səni, Cəhd eylə çat elə, a yalı keç di. Ərşdən çən çəkildi, ayazı qaldı, Əqil zaya getdi, ay azı qaldı. Sənətdən yadigar a yazı qaldı, Gərdişi-ah –zarla, ay Alı, keçidi. * * * Ha qala-qala Yarı yad eyləsən a nazlı canan, Eynindən iraqda ha qala-qala. Leyli-nahar həsrətindən nalandı, Çəkirsən sərini ha qala-qala. Naqis rast gələndə qala, sarsıyar, Yar həsrəti canda qala sarsıyar. Eşqin atəşindən qala sarsıyar, Eşqə nə çəkirsən ha qala-qala. Səxalısan az Alını yan, ara, Kəs arasan at dəryaya, ya nara. Yanar neylər əzəlindən yanara, Atəşi atəşə ha qala-qala. * * * Ha sarı dağlar Atar səni ellər gedər arana, Kədəri gərdənə ha sarı, dağlar. Tərlan sədalısan, qartal ədalı, Cida sal sərindən ha sarı, dağlar. Qəhr edəndə geyinirsiz ay ağı, Nadan, naqis ərz eyləyər a yağı, Sarıyerdən Sərisəngə ayağı, Çəkirsiz diyara hasarı, dağlar Nə adətdi, nə sehrdi, nə aldı, Zər yığanlar cəlalından nə aldı. İndi rəngin nə yaşıldı, nə aldı, Xəzanda geyirsiz ha sarı, dağlar. Sənətkara hər cəhətin sənadı, Dağ nəs addı, hardan aldın sən adı. Alı səndə sin sanına sənadı, Şər çəkir səcdənə ha sarı, dağlar. * * * Keçsin Şəhla eynin, siyah qaşın can alır, Gələndə nakəslər daldala, keçsin. Çəkər həsrətini, el cana gələr, Nə gərək qal etsin, dal dala keçsin. Hərdən ey nazənin ara, dan yarı, Ara aşkar desən, ara dan yarı. Alarsa, haqq alsın aradan yarı, El gəlsin yasına dal-dala keçsin. Ərz eylədin sən Alıya, yan, ağa, Aşiq yanar, nədən keçsin yan, ağa. Həssas eyni aşiqsə al yanağa, Canan qarşı gəlsə, dal, dala keçsin. * * * Yaralar yarı Tiri xədəng nə atırsan dal-dala, Əl saxla, can alan, yaralar yarı. Naşı yar dəyəndə yar yarasına, İncidər, sızladar yaralar yarı. Hədyan ərz eylədi dil, dara yıxdı, Haqsız tənə dəydi dildara, yıxdı. Əhdi ilqarına dildar ayıxdı, İstəsər rizana şaqqalar yarı. Əqlin Alı, gərdişindən nə kəsə, Cəhd eylərsən, rast gələrsən nakəsə. Çəkir xəncər, nə yayına, nə kəsə, Cəlladın əlindən yar arar yarı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-dodaqdeymez-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.