Gəraylılar Aşıq Alı (1801–1911) Adıdı Dövlətindən kərəm, səxa, Etmək adamın adıdı. Bu fənada səxavətdə Qalan Hatəmin adıdı. Səməri nə sağı desən? Nakəslə bal-yağı yesən. Bir mərd ilə ağı yesən, Şəkər o tamın adıdı. Oxuduğum qəlbə yatar. Əsəl olub elə çatar. Söz qoşmuşam min bir qatar, Min bir Xudamın adıdı. Elin qocası, ahılı, Sözdə, əməldə səxalı, Mahalım Göyçə mahalı, Mirzə atamın adıdı. Bir gün gələr köçər Alı, Ondan bir nişanə qalı. Anam Fatma, ömrüm balı, Bəsti butamın adıdı. * * * Birisin Biri nanu-nəmək tapmaz, Gəzər qaymaq, bal birisin. Gah növrəsti növrəst tapar, Gah da tapar çal birisin. Tuş olanda əqli kəmə, Bil, düşərsən dərdi-qəmə; Özünü zinhar eləmə, Boşa onu, al birisin. Bir yaxşını yaman tapdı, Bir nadanı qanan tapdı, Bir qananı cavan tapdı, - Tapdı əhli-hal birisin. Biri yedi, giryan gəzdi, Biri tapmaz, hər yan gəzdi, Biri daim üryan gəzdi, Qucar tirmə-şal birisin. Birini mürvət ucaltdı, Birini qeyrət ucaltdı, Birini sənət ucaltdı, Xoşhal etdi mal birisin. Şadnak gördüm, sonu vaydı, Ömür gördüm, qışı yaydı, Gözəl gördüm, hüsnü zaydı, Gördüm mah-camal birisin. Aşıq Alı belə yazdı: Şan-şöhrəti telli sazdı. Bir rəqib çox, yüz dost azdı, Demə, gözdən sal birisin. * * * Dağlar bizim dağlarmola Yönü bəri baxan dağlar, Dağlar bizim dağlarmola?! Sərin sulu, car bulaqlı, Dağlar bizim dağlarmola?! Açılıb qönçə, nərgizlər, Karvan azsa, yolu izlər, Gözəllərin yolun gözlər, Dağlar bizim dağlarmola?! Mən deyirəm bu sözləri, Sinəmdə eşqin közləri, Çox gəzmişəm o düzləri, Dağlar bizim dağlarmola?! Baxırsan yarı görəndə, Gözəllər zülfün hörəndə, Hicran coşub dərd verəndə, Dağlar bizim dağlarmola?! Bu görükən Vers dağına, Dikpilləkən tərs dağına, Oxşayır cənnət bağına, Dağlar bizim dağlarmola?! Sarıyalın beli düzdü, Bulaqları tamam buzdu, Gözəllərdən əlim üzdü, Dağlar bizim dağlarmola?! Yolaşan, Böyük yoxuşdu, Qoşqar dağda hələ qışdı, Alı deyər, vaxdı keşdi, Dağlar bizim dağlarmola?! * * * Dağlar qoynunda-qoynunda Tənha qaldı nazlı yarım, Dağlar qoynunda-qoynunda. Cüt şamama peymanını, Bağlar qoynunda-qoynunda. Peşkəş olmaz nar gələnə, Meyvə qalmaz qar gələnə. Amanatı yar gələnə Saxlar qoynunda-qoynunda. El yox bizim ellər kimi, Sadiq siyah tellər kimi, Yarsız sular-sellər kimi, Çağlar qoynunda-qoynunda. Alını yarı şad eylər, Bir kəs birini ad eylər, Bülbül gülsüz fəryad eylər, Bağlar qoynunda-qoynunda. * * * Dilbər Bir bağda bülbül olmasa, Gülün nə mənası, dilbər? Şəhdi-şəkər əzilməsə, Dilin nə mənası, dlbər? Ala gözlər süzülməsə, Baxan canlar üzülməsə, Dal gərdənə düzülməsə, Telin nə mənası, dilbər? Ocaq yanmaz qalanmasa, Bağ quruyar sulanmasa, Qulac qollar dolanmasa, Belin nə mənası, dilbər? Yar dönüb belə gəlməsə, Qayıdıb elə gəlməsə, Sonası gölə gəlməsə, Gölün nə mənası, dilbər? Alı neylər dəşt olmasa, Hərdən seyri-gəşt olmasa, Məcnunu sərgəşt olmasa, Çölün nə mənası, dilbər? * * * Dövran Eli-elə saldı yadlar, Matəm oldu elə dövran. Uydu ağıldan kasadlar, Düşdü fitnə-felə dövran. Arif olan, qəmin artdı, Piran imdaddan kasaddı, Nə dövrandı, nə həyatdı, Viran qalsın belə dövran. Molla, mömün olub ası, Qur mərəkə, saxla yası. Cövlan, ötən qəm dəryası, Qafil düşdü selə dövran. Güllə atır hər bir naşı, Oldu qəlbim qəm yoldaşı. Qopur fəryad addımbaşı, Dönüb siyah telə dövran. Alı zəlil, yox hünəri, Nə fitnədi - var xəbəri. Qəm-qüssəyə dözmür səri, Necə etsin elə dövran?! * * * Düşübdü Nədən belə, nazlı yarım, Dərd ucalıb, dəm düşübdü. Nalan oldun nədən belə, Yanağına nəm düşübdü. Şəhla gözün fənər edim, Sönən qəlbin yanar edim, Gətir candan kənar edim, Can evinə qəm düşübdü. Gəl baxma Alı oynuna, Bir əlim salım boynuna, Birini də al qoynuna, Ləb, ləb üstə kəm düşübdü. * * * Ellərdi Dolananda yad diyarı, Müdam sorağım ellərdi. Qəmli qəlbim novbahardı, Qürurlu dağım ellərdi. Gül dərdim, gülə bənd oldum, Bir tuti dilə bənd oldum, Gəşt etdim, elə bənd oldum, Eşqim, marağım ellərdi. Bu Alıyla qada yetə, Cəm olarlar - səda yetə. İgidləri dada yetə, Zağlı yarağım ellərdi. * * * Eyləsin Peymanında qalan yarı, Xaliq müdam var eyləsin. Baxt ulduzu şölələnsin, Haqqı ona yar eyləsin. Dağ, dağ olmaz, qarsız ola, Bağ, bağ olmaz, barsız ola. Bir gözəl ki, arsız ola, Dövran onu xar eyləsin. Zənən bəddisə ərinə, Məzarın qazdır dərinə; Qoyma Alının sərinə, Bu dünyanı dar eyləsin. * * * Etibarınandı Ay ağalar, ay qazılar, Mənim işim zarınandı. Bir anlamaz yar əliylə Yaralarım sarınandı. Zərgər də zərinən oynar, Dövlətli varınan oynar. Hərə bir karınan oynar, Mənimki də xarınandı. Aşıq Alı gülü bəstə, Dərdindən olmuşam xəstə, İlqar verən durar üstə, O da etibarınandı. * * * Əlif-Lam “Əlif” həmdəmsə “lam” ilə, Dürüstü min bir ad eylər. “Be” billahın bir adıdı, Sən yad eylə, o yad eylər. “Pe” pənc əla, səda oldu, “Te” tohiddi, əda oldu, “Se” seyyidə nida oldu, İkramın qəlbin şad eylər. “Cim” cəmaldı Məhəmmədə, “Ha” Heydərdi sirr Əhədə. “Xe” Xaliq olsa kimsədə, Viran qəlbi abad eylər. “Dal” davərdi, haqq arayan, “Zal” zalımdı, qaldı üryan. “Re” rəbbidi, olmaz əyan, Üç ad kəlmey-şədət eylər. “Ze” zülcəlal, Əli mərddi, “Sin” surədi, yüz on dörddü. “Şin” şivən, şamu firqətdi, “Ce” cəngdən cümlə dad eylər. “Sad” səməddi, bi həmdullah, “Zad” Zəburdu, nazil Allah. “Ta” təvvabdı rəhmi güllah, “Zat” zat əkrəm irad eylər. “Eyn” etiqat qıl tamaşa, “Ğeyn” qüsul, ayaq-başa. “Fe” faiddi hər bir yaşa, “Qaf” qadirdi, imdad eylər. “Nun” nəqqaşdı, qüdrət onda, “Kaf” kaf – peykər firudunda. “Vav” vahidi sevər xuda, “Cim” cahartəb murad eylər. “Kaf” kafərdi Zülfüqarə, “Zamla” ilə yeki ara. “Mim” münkərdi, çəkər darə, “Haqq” Alını azad eylər. * * * Gözlərəm səni Kimsən gedən, boyu bəstə, Bilincə gözlərəm səni. Dayanaram yolun üstə, Gəlincə gözlərəm səni. Şəbnəm üstə aydın izin, Mehman mənəm – diyar sizin, Sürünərəm dizin-dizin, Yolunca gözlərəm səni! Gözün şəhla, kiprik oxdu, Köçən köçür görən yoxdu, Darıxmaram, səbrim çoxdu, Ölüncə gözlərəm səni. Alıyam, həsrət çəkərəm, Qəm çəkərəm, dərd çəkərəm, Dəryaya qan-yaş tökərəm, Dolunca gözlərəm səni! * * * Qazanar Cəm eyləyib xəsis malı, Bəhrəsini yad qazanar. Aqibətdən deyil halı, Yeməz, içməz, şad qazanar. Dövran keçsə boran, qarda, Səxa əhli qalmaz darda. İnsafsızı görmə varda, Hörmət əhli ad qazanır. Dağlar bəlli vüqarından, Alı qəlbi qubarından, Ehsan eylər öz varından, Dəhanında dad qazanar. * * * Qoynunda-qoynunda Ellər köçər, məskən salar Dağlar qoynunda-qoynunda. Ana, bala layla deyər, Çağlar qoynunda-qoynunda. Yaradanmı qərar qoyub? Bağrımın başını oyub? Çoxlarını ağlar qoyub Dağlar qoynunda-qoynunda. Alı deyər barlı bağlar; Yarım görcək yanar, ağlar. Sinəsini çarpaz dağlar, Saxlar qoynunda-qoynunda. * * * Musa bəy Həm atam, həm qardaşımsan, Salamat qal, ay Musa bəy! Sən də ürək sirdaşımsan, Salamat qal, Mustafa bəy. Xeyir gördüm əlinizdən, Qüvvət tapdım dilinizdən, Yola salm elinizdən, Salamat qal, Mustafa bəy. Aşıq Alı gəldi getdi, Hər cürə mətləbə yetdi, Qızıl lirə qiymət götdü, Salamat qal, Mustafa bəy. * * * Oldu Cəfa çəkdim yar yolunda, Heyif, eşqim hədər oldu. Yar firqəti üzdü canım, Ömrüm ah-vay, kədər oldu. Cəhd eylədi bir neçələr, Ömrümə hicran seçələr. Yol verməyin dar küçələr, Yar atlanıb gedər oldu. Cüda düşər, keçər dağlar, Gülsüz qalar bizim bağlar. Alı tənha qalar, ağlar, Dərdim dağlar qədər oldu. * * * Oldu Dəhrdə cəfa əlindən, Əlif qəddim kaman oldu. Əhdə bivəfa əlindən, Hər gün haray, aman oldu. Şah başında tac yaşadı, Rəncbər əkdi, ac yaşadı; Xoş sözə möhtac yaşadı, Nə insaf, nə iman oldu. Alı sözün dedi üzə, Kül üfürdü dövran gözə. Fələk sitəm etdi bizə, Əhvalımız yaman oldu. * * * Olmur Bizim elin gözəlinin Camalından doymaq olmur. Boy-buxunu can alandı, Ləbləri tək qaymaq olmur. Əydi budaq bar əlindən, Dağ zinhardı qar əlindən, Eşq badəsin yar əlindən Alsan, yerə qoymaq olmur. Bir söz dedim yada, qandı. Bu məkanda qada-qandı, Sevmək nədi? - Qadağandı; El-obaya yaymaq olmur. Aralıyam sirdaşımdan, Həbibimdi ilk yaşımdan, Səxa süzür göz-qaşından, Qeyrisinə uymaq olmur. Bir əlif yaz, qoy məddini, Dağıtsan qəmin səddini, Alı aşdı dərd həddini, Sana çəkib saymaq olmur. * * * Ölürəm Əlac eylə dərdimə, gəl, Mahi-tabanım, ölürəm. Sinə sədəf, ləbi əsəl, Şəkər zabanım ölürəm. Əhvalımın al xəbərin – Ahım ümman, dərdim dərin. Cahanda yox bərabərin, Bilsin cahanım ölürəm. Alının çeşmi-çırağı, Tərk etmir qəlbim fərağı, Təbiblərdən al sorağı, Qönçə dahanım, ölürəm. * * * Sənə Leylü-nəhar fərağından, Yetmir naləm bəyəm, sənə? Ərz etməyə pünhan sözüm İmkanım yox deyəm sənə. Elimin tərlan tavarı, Ömrümün ilkin nubarı, Qoyma qala intizarı, Sanma yad kimsəyəm sənə. Səmanın ayaz sabahı, Sevən qəlbin yox günahı, - Olsan Alı səcdəgahı – Xanəmdə baş əyəm sənə. * * * Səninlədi Öz-özünə deyinməynən, Qışım, yazım səninlədi. Ruzi verənə şükr elə - Çoxum, azım səninlədi. Beş dənədi qəza-qədər, Hara getsən sənlə gedər. Ahu-vay eləmə hədər, Alın yazım səninlədi. Alı, sığın ol Xudaya, Dar günündə yetər haya. Hər aşığı salma saya Telli sazım səninlədi. * * * Təbriz gözəli Bir mişginab, bir mavəra, Gördüm Təbriz gözəlini. Qıya baxdı aldı canım, Qoydu eşqin təməlini. Qəmzəsi cismimi yarır, Gedəndə ruhum aparır, Duranda qəlbim qoparır, Baxanda bağrım dəlini. Xəzan olmaz o tər ləçək, Boyu bəstə, üzü göyçək. Görüb cünun oldum gerçək Dil-dodağı məzəlini. Şəninə qəsir yaparam, Nə qüssə, nə qəm taparam. Fərhad olub dağ çaparam, Gər ola anam gəlini. Od qaladı can içində, Dedi: Alı, yan içində, Qafil gördüm dan içində, Deyəmmədim deməlini. * * * Uzaq yollara-yollara Badi-səba, ərzim budur, Dəymə tellərə-tellərə. Seyraqub gözü tutulub, Düşsün əllərə-əllərə. Qarşıdakı sarı laçın, Fələk qoymur qəddim açım. Gəl səni götürüm, qaçım Bizim ellərə-ellərə. Alı deyər bir gül əkdim, Gülün çox cəfasın çəkdim. Qürbət eldə gözüm dikdim Uzaq yollara-yollara. * * * Yalan oldu Yar yanında günahkaram, Doğru sözüm yalan oldu. Yeriş etdi qəm ləşkəri, Könlüm şəhri-talan oldu. Bax bu qaşa, bax bu gözə, Yandı bağrım döndü közə, Keçən sözü çəkmə üzə, Keçən keçdi, olan oldu. Aşıq Alı sənə qurban, Gəl eylə dərdimə dərman, Uçdu getdi tülək tərlan, Sar da kəklik alan oldu. * * * Yalvara-yalvara Yad olanda yar peymana, Qaldım yalvara-yalvara. Keçən günü xəyalına Saldım yalvara-yalvara. Sonaları gölə çəkdim, Cananımı dilə çəkdim, Telli sazı zilə çəkdim, Çaldım yalvara-yalvara. Bəyaz sinə, şəhla gözü, Görən kimsə çətin dözü. Alı deyər bir "hə" sözü Aldım yalvara-yalvara. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.