Müxəmməslər Aşıq Alı (1801–1911) Axtarıb tapdı məni Bilmirəm hardan qocalıq. Ağlımı aldı başımdan, Huşumu sərdən qocalıq. İşimi əskik eylədi, Lap yerbəyerdən qocalıq. Müxtəsəri, qoydu məni Xeyirdən-şərdən qocalıq. Dən düşdü saçlarıma, Əzəl xəbərdar eylədi. Hər iki yan qrovladı, Ölkələrə car eylədi. Arvad baxıb bədənimə Hər işimi zay eylədi. Axırda ayrı saldı Yarı yavərdən qocalıq. İstədim duram gedəm, Qaranlıq çökdü gözümə. Keçən günlər yada düşdü, Əlimi vurram dizimə. Oğul-uşaq qulluq etmir, Daha baxan yox sözümə. Üzümü soyuq eylədi Borandan, qardan qocalıq. Fələk məni oda saldı, İki idim, yek eylədi. İstədim uzaq görəm, Uzağı yaxın eylədi. Ölüm yoxdu, keçib tamam Doxsan idim, yüz eylədi. Vurnuxuram yüzü keçəm, Alıbdı candan qocalıq. Söyləyir Aşıq Alı, Mən neyləyim qocalığa. Deyirlər sərgini gözlə, Quşu qoyma yarmalığa. Hər kəs gördü, götürmədi, Döndüm əski yamalığa. Aləmdə car eylədi Gözümü nurdan qocalıq. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.