Təcnislər Aşıq Alı (1801–1911) Almasın Bimürvət yar məni candan elədi, Tutubdu dəstində ay ağ almasın. Yarın bağçasının seyrinə vardım, Heç görmədim yarın ay ağ almasın. Bayram ayı demək olmaz hər aya, Təbib gərək dərman edə həraya, Şahlar şahı, özün yetir haraya, Düşmən üstümüzə ayaq almasın. Aşıq Alı deyər: yar ab ağlaya, Yaxşı təbib gərək yara bağlaya, Yar ki meylin qeyri yara bağlaya, Həftəyə varmasın, aya qalmasın. * * * Ay üzə-üzə Hicranım, möhnətim, dərd ilə qəmim Az qalıb canımı ay üzə, üzə. Namərdin fitnəsi alır canımı, Heç demir canımı ay üzə-üzə. Qəvvas kimi dəryalara dalmışam. Şirin canım kəməndinə salmışam. Qərq olmuş gəmiyəm, burda qalmışam, Sonalar çalxanır ay üzə-üzə. Alıyam, axtarram həqiqi dostu, İlqarın bütünü həqiqi dostu. Müxənnət olmasa həqiqi dostu, Dost deyər sözünü ay üzə, üzə. * * * Aya qalmasın Bimürvət yar məni candan eylədi, Tutubdu dəstində ayaq almasın. Girdim dostun baxçasına seyr etdim, Görmədim bağında ayaq almasın. Mirzəsisən oxu dərsin haraya, Bayram ayı demək olmaz hər ayə, Şahi-Mərdan, özün yetiş haraya, Düşmən bu günümdə ayaq almasın. Deyər Aşıq Alı yara bağlıya, Yaxşı təbib gərək yara bağlıya, Bir yar meylin qeyri yara bağlıya, Həftə tamam olsa, aya qalmasın. * * * Başa-baş Dost odur ki, öz dostunnan dost ola, Düşməninnən düşmən ola başa-baş. Əzizinəm başa-baş, Oxu dərsin başa-baş. Bədəsildən qaç qurtar, Ayaq götür başabaş. "Can!" deyənə "Can!" – deyinən mərdana, Baş qoyanın qoy yolunda başa baş. Aşıq gərək bu meydanda bir qala, Oxugunan bu dərsini bir qala. Mən aşıq qala-qala. Dikilib qala-qala. Cavan ömrüm çürüdü, Qürbətdə qala-qala. Ağlayana can vermərəm nə qala, Baş verənə mən verərəm başa baş. Aşıq dərdin kim yetirər sənə, yar, Oxudunmu bu dərdimi sən, a yar? Aşıq deyər sənə, yar, Qurban olum sənə, yar. Tarix keçsə qoy keçsin Ömür elə sən, a yar, İstəyirsən yaxa yırtıb, sinə yar, Əl çəkmərəm olsam candan başa-baş. Aşıq Alı, həzar dərdə davadı, Bir dərdim var həzar dərdə davadı. Yox, aşıq, dava gəzər Xestələr dava gəzər. Əsil çay-çörək verər, Bədəsil dava gəzər. Davaçısan bu meydanda davadı, İstəyirsən kəllə vuraq başa-baş. * * * Bir gözə ləli Arif ziba görsə, meyl etməz ona, Göstərmə gəl, sərraf, bir gözə ləli. Qur nizam-tərəzi, tap isbatını, Bir gözə gözəl qoy, bir gözə ləli. Açmışam baharı yasəmənimlə, Alqışla gül-çiçək, ya səmənimlə. Öləndə gəl batma yasa, mənimlə, Dirilləm, oxşasa, bir gözəl əli. Qəm, dəm dolu, qoşa bu iki sini, Əzvaca gəl qazma bu iki sini, Alı gözəl bilir bu ikisini – Bir gözəl Məhəmməd, bir gözəl Əli. * * * Dal-dala Yaz açılcaq gəl çiçəyin seyrinə, Təbib deyər qoy tökülsün dal-dala. Bu dünyada şir də yalqız olmasın, Qardaş gərək cüt dayana dal-dala. Müxənnət göz qoymaz dala, qabağa, Hərcaydar heç çıxmasın qabağa. Yaxşı köhlən cəhd eləyər qabağa, Yaxşı iyid fikir verər dal-dala. Xudam məni tək yaradıb, təkbətək, Gecə-gündüz fikr elərəm, təkbətək. Aşıq Alı, çək döşünə təkbətək, Müxənnətdən çək ətəyin, daldala. * * * Damı da yansın Uçubdu könlümün dəri, divarı, Bir sütun vurgunan damı dayansın. Hər kim dostdan dosta yaman qandırsa, Qiyamət oduna damı da yansın. Dedim: könül, bir qayıtsan özünə, Bir baxgınan mənə, bir də özünə, Axirətdə bir ev tiksən özünə, Uçmasın başına, damı dayansın. Deyər Aşıq Alı acar ovluya, Zənbur şirə çəkə, acar ovluya, Bir dost səni qoyub acar ovluya, Od vur qapısına damıda yansın. * * * De bir üz-bir üz Vaxt məni tulladı qəm dəryasına, Ovçuyam gəzirəm de bir üz-bir üz. Leyli müştağıyam düşdüm odlara, Yetirin loğmana, de bir üz-bir üz. Fərhad sevdi Şirin yarın kamalın, Kərəm sevdi Əsli yarın kamalın, Ürək istər, könül deyər kam alım, Göz-gözə baxanda de bir üz-bir üz. Alıyam, xəyalım kəc dolanırdı, Xosrov da başında tac dolanırdı, Məcnun Leyli deyib ac dolanırdı, Almadı Leylidən de bir üz-bir üz. * * * Sədala tək-tək Ruzi bəxş olundu neçə xilqətdən – İzhar eylə dürüst səd ala tək-tək. Əhli Asəfi-Kəf nə məkandadı? Ad, il ünvanların sədala tək-tək. Kəhkaşanda nə saydadı səyyara? Həddi Şəmsi-leyli – eylə səyy, ara. Fəhmandar kim oldu, hansı səyyara? Dərsi “ila” ilə, səda “la” tək-tək. Nə məqamda zühur oldu ayin, ə? Nafileyi rükət neçə ayinə. Hansı gündə üç səadət, ayi nə? Alı, itaətdə sə dala tək-tək. * * * Yarasan məni Əl çəkmərəm, baba, əhdi peymandan, İstər şəmşir alıb yarasan məni. Mürğü şəbistanam fəhmən uçaram, Sanasan zülmətdə yarasan məni. Sər düşdü nagahan dara çəkindi, Mübtəla ahından dara çəkindi. Tənəf gərdənində, dara, çək indi, Ya yetir, vüsali-yara sən məni. Alı xəcil oldu, ayağa baxdı, Sərsəri didədən ay ağ ab axdı. Hər kəsin dəstində ay ağa baxdı Qurtarar bu qəmdən yar, asan məni. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.