Bayatılar Aşıq Bəsti (1836–1936) Əzizinəm oy dərdim, Oy dərmanım, oy dərdim. Girdim yarın bağına, Gül yerinə, oy dərdim. - A Bəsti, bulud ağlar, Göy kişnər, bulud ağlar. Səni qəhər boğanda, Gözündə bulud ağlar. - Ağlamasın neyləsin, Dərdin kimə söyləsin. Bəsti xəstə ha deyil, Loğman çarə eyləsin. - Bəstini qəmi üzər, Dərdi-ələmi üzər. Gözün yaşı göllənsə, İçində gəmi üzər. - İçimdəki dağımdı, Sinəm xəzan bağımdı. Ahım əsən küləyim, Gözlərim bulağımdı. - A Bəsti, baxar doymaz, Yandırar, yaxar doymaz. Baxdıqca gözlərimdən, Qanlı yaş axar doymaz. - Xançoban, el götürər, Torpağı bel götürər. De, Bəsti, ağlamasın, Qəbrini sel götürər. - Dağların daşı mənəm, Bulağın başı mənəm. Yar deyib, kim ağlasa, Gözünün yaşı mənəm. - Bəsti deyər: dəryada, Gəmim qalıb dəryada. Qağladım, göz yaşımdan, Doldu, daşdı dərya da. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-besti-bayatilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.