Mahnılar Aşıq Bəsti (1836–1936) Ana Ay məlul ana, Ay zəzlil ana. Ay müşkül ana, Ay düşkün ana. Gedirəm axı, Gedirəm axı. Dağın dalında, Suyun yolunda. Ayrım elində, Bir yar sevmişəm, Gedirəm axı, Gedirəm axı. Bəsti gülmədi, Eynin silmədi. Kimsə bilmədi, Bir yar sevmişəm, Gedirəm axı, Gedirəm axı. * * * Sevirəm, axı Ay gözəl bacı, Başımın tacı. Nədir əlacı, Sevirəm, axı. Sevirəm, axı. Özü bir çoban, Dağlara soltan, Halım pərişan, Sevirəm, axı. Sevirəm, axı. Eşqində naçar, Qoşulub qaçar, Bəsti dil açar, Sevirəm, axı. Sevirəm, axı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-besti-mahnilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.