Müxtəlif şeirlər Aşıq Bəsti (1836–1936) Bənövşələr O yar gəzən oylaqlarda, Bir də açdı bənövşələr. Səpələndi dağa-daşa, Yaldan aşdı bənövşələr. Yaralı bülbüllər kimi, Kola düşdü bənövşələr. Yarəb, o Tutqu çayını, Necə keçdi bənövşələr? Bir quş kimi yoxa çıxdı, Hara uçdu bənövşələr? Bəsti, Xançobanım kimi, Vaxtsız köçdü bənövşələr. * * * Əylənməz Meyvələri kal-kal düşər, Hər ağacda bar əylənməz. Uca dağlar saxlar qarı, Alçaq dağda qar əylənməz. İtkin yarı soraqlaşdım, Alçaq, uca dağlar aşdım. Səni gördüm, yolu çaşdım, Yox, bu yerdə yar əylənməz. Bəstini yandırıb-yaxdın, Sən hardan uğruma çıxdın? Qara pula dönsün baxdın, Ac qarında var əylənməz. * * * İstərəm Könül verib sevdiyimi, Hamıdan başda istərəm. Dörd yanında ağ sürüsü, Qənşərdə, döşdə istərəm. Alı kimi igid ola, Cəngi-savaşda istərəm. Qisas ala zalımlardan, Onu hər işdə istərəm. Atışmada güllə dəyər, Kəkliyi daşda istərəm. Bəsti, qoy yansın bu canım, Odda-atəşdə istərəm. * * * Qeyrət eylə Gəldi, şura gəldi, El, qeyrət eylə. Yorulma, usanma, Əl, qeyrət eylə. Su basar dəhnəni, Bel, qeyrət eylə. Nizam ordu gəldi, Yol, qeyrət eylə. Susma, telli sazım, Tel, qeyrət eylə. Bəsti, bir tərif de, Gəl, qeyrət eylə. Çal-çağır, çal-çağır, Dil, qeyrət eylə. * * * Qurban olum Söylə, Löydənmi gəlirsən? Yollarına qurban olum. Ağçınqıldan gül dərdinmi? Əllərinə qurban olum. Daş bulaqdan su içdinmi? Dillərinə qurban olum. Bəzənibmi Tamaşalı? Çöllərinə qurban olum. Aşıbmı maral çiçəyi? Güllərinə qurban olum. Tərtərim qan-qan deyirmi? Sellərinə qurban olum. Dağlara bahar gəlibmi? İllərinə qurban olum. * * * Səni min yaşa, ay Məhəmməd Hünərinə el hayrandı, Səni min yaşa, ay Məhəmməd! Camalına can qurbandı, Boyun tamaşa, ay Məhəmməd! Beşaçılanın gülləsindən, Dağlar titrəyir səsindən. Koroğlu tək nərəsindən, Gözlər qamaşa, ay Məhəmməd! Sən Bəstinin tərlanısan, Bu dağların aslanısan. Bu könlümün dastanısan, Sən gəl, keç başa, ay Məhəmməd! * * * Tək bəndlər Alçaq dağlarıma qar yağdı, yağdı. Üstündən göz yaşım yar yağdı, yağdı. Bir dəfə ürəkdən gülə bilmədim, Göydən od ələndi, qor yağdı, yağdı. - Yaralandı cavan canım, Mən olanı necə danım? Çəmənlərə axdı qanım, Keçib candan ox, ay bülbül. - A göy dağlar, göyən dağlar, Başı göyə dəyən dağlar. Bəstisinin dərdin görüb, Qəmdən libas geyən dağlar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-besti-muxtelif-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.