Qoşmalar Aşıq Bəsti (1836–1936) A bəy A bəy, nə gəzirsən hallı-havalı, Süleyman mülkünün yiyəsi kimi? Nədəndir yaxşının başın kəsməyə Hazırsan xəncərin tiyəsi kimi?! Güvənmə sən dövlətinə, varına, Lənət olsun qeyrətinə, arına. Haqdan zəfər dəysin bürcü-barına, Lüt qalginən palaz iynəsi kimi. Ağladım doyunca, gülmədim haşa, Bir ah çəksəm, dağlar gələr baş-başa. Bəsti deyər: səni də düş ataşa, Yan novruz şamının piltəsi kimi. * * * A Qurban Acı ruzgar döydü ömür qapımı, Qara döndü ağ dövranım, a Qurban! Dağlarımı duman aldı, çən aldı, Zülmət oldu asimanım, a Qurban! Bu yazıq canımı gətirdi cana, Ədalətsiz divan, zalım zamana, Atəşə pərvanə, oxa nişanə, Piltəyə şam oldu canım, a Qurban! Tər şamama bu tağlardan kəsildi, Ömr ağacı budaqlardan kəsildi. Tütək səsi bu dağlardan kəsildi, Hayıf oldu Xançobanım, a Qurban! Aylarım bəd gəlib, illərim nəsdi, O azca ülfəti fələk də kəsdi, Dünya zindan oldu, məhbusu Bəsti, Yaşamağa yox gümanım, a Qurban! * * * Ay anam mənim Dərdim elə artdı, Kürü də keçdi, İndi hara gedim, ay anam mənim?!. Gözlərimin yaşı qanıma keçdi, İndi hara gedim, ay anam mənim?!. Aşıq olub dildən-dilə düşmüşəm, Gəzə-gəzə eldən-elə düşmüşəm. Səhralar gəzmişəm, çölə düşmüşəm, İndi hara gedim, ay anam mənim?!. Nə Həkəri qaldı, nə də Ərgünəş, Yandım eşq oduna, can oldu atəş. Bəstiyəm, olmuşam, bir yaralı quş, İndi hara gedim, ay anam mənim?!. * * * Bilginən Yaxşı tanı Ələsgəri, Qurbanı, Neçə belə nər aşığı bilginən. Qiymət qoysan gəraylıya, qoşmaya, Nəzmindəki yaraşığı bilginən. Vaxtsız daşım qurbət elə atıldı. Nə dərd desən mənim üçün tapıldı, Ağlamaqdan gözlərim də tutuldu, Getdi gözün nur ışığı bilginən, Heç bilmirəm nələr yatır sinəmdə, Mən çəkəni, çəkməz, Əsli, Kərəm də, Şirin can çürüdü möhnətü-qəmdə, Bəsti görüb Sənan Dağı, bilginən. * * * Bilmirəm Uçubdu könlümün bürcü-barısı, Neçə bənna ilə hörə bilmirəm. Ağlamaqdan tor gəlibdi gözümə, İşıqlı dünyanı görə bilmirəm. Əyibdi qəddimi çərxi-zamana, Qiymət qoyan yoxdu yaxşı-yamana, Gədələr bəy olub girib meydana, Bəs kim dözər bu dağlara, bilmirəm?! Əzəl gündən qara gəlib ruzgarım, Bu qəmü möhnətdən artıb azarım, Qəlp çıxıb mətahım, yoxdu bazarım, Bəstiyəm dərdimə çara bilmirəm. * * * Bu dünya Məleykə boyludur, şirin ləhcəli, Əzəldən tamaşa olan bu dünya. Qoca cadugərdi aldadar səni Cavanlıq donunda qalan bu dünya. Qananı eyləyib talesiz, baxtsız, Əyibdi qəddini, qocaldıb vaxtsız, Çoxlarmı qoyub eyvan-otaqsız, Varlının dərdinə qalan bu dünya. Qəmdən pay götürdüm, nalədən qismət, Görmədim bir ləzzət, çəkdim əziyyət, Canda eşq atəşi, dildə məhəbbət, Bəstini odlara salan bu dünya. * * * Burdadı Yazda Əmirvara qonaq getmişdim, Gözəllərin say-seçməsi burdadı. Hansına pis desəm, dilim lal olar, Ağ güllərin tər qönçəsi burdadı. Gözəllikdə tay tapılmaz bu yurda, Baxdım gözəlləri xəlq olub nurda. Qazanbatan burda, Durnalı burda, O dağların –sər çeşməsi burdadı. İnciməsin Rəsullunun qızları, Gözəllərin aydı-gündü üzləri. Bəsti deyər: heyran qoydu bizləri, Qız qızıldı, saf külçəsi burdadı. * * * Dəyməmiş Varmı ürəyinə zalım dövranda, Fələyin əlindən zədə dəyməmiş. Namərdin ucundan, nadan dilindən, Çatıb qulağma hədə dəyməmiş. Demirəm mələyəm, nə də ki, göyçək, Sözümdə yalan yox, gerçəyəm, gerçək. Ötməyib böyrümdən bir erkək milçək, Astanama sultan, gədə dəyməmiş. Bəstiyəm, odlara qalandı canım, Bu tənəyə necə dözüm, dayanım. Gəlmədi ağ günüm, təzə dövranım, Düşmən yummaz ağzm pedəl dəyməmiş. * * * Düşmüşəm Məcnunsuz çöllərin Leylisiyəm mən, İtkin yarm sorağına düşmüşəm. Yaxşı Aşiqilə gəzir çəməndə, Həkərinin qırağma düşmüşəm. Şirinin beynində eşqin əsəri, Fərhad qayalara vurar düsəri. Kirpik qatlamıram o gündən bəri, Yata bilməm, qəm dağma düşmüşəm. Əslini yandırıb, gözləyən fələk, Namərdlik məqamm gözləyən fələk. Bəstini ölüncə izləyən fələk, Öldür qurtar, ayağma düşmüşəm. * * * Eylər-eylər Ay camaat, xəstə düşüb ölürəm, Dərdimə dərmanı yar eylər-eylər. Həsrət qaldım yarın uca boyuna, Yanar canım ahu-zar eylər-eylər. Anam gəlib kəsdirəydi yanımı, Yar demərəm, şaxta vurar canımı. Yay dolusu döyər bağ-bostanımı, Alçaq dağlarımı qar eylər-eylər. Fələk, sənlə çox eylərəm savaşı, Ahımdan dumandı dağların başı. Üzümü yandırır gözümün yaşı, Ağlamaq Bəstini kor eylər-eylər. * * * Ərgünəş Xançobanım nə söylədi, nə dedi? Ayrılanda qucağından, Ərgünəş! Mən ki, səni ziyarətə gəlmişəm, Qaldır, öpüm ayağından, Ərgünəş! Birdən-birə xoş əhvalım qarışdı, Sızıldadı, sümüklərim sancışdı. Odsuz, közsüz şirin canım alışdı, Od almamış ocağından, Ərgünəş! Bu dağlarda neçə Leyli ağlamış... Bəsti kimi dağı, daşı dağlamış. Yardan bizə nə nişanə saxlamış, Nə taparam torpağından, Ərgünəş? * * * Gəlibmi Dinib-danışsana, ay aşıq Bayram, O bizim dağların yazı gəlibmi? Əriyibmi o dağların qış qarı, Ağçınqıla qoyun-quzu gəlibmi? Yellər çırpınırmı, arana sarı, Sellər uçururmu, barı-hasarı. Nərgizlər, lalələr gülürmü barı, Dağların bənövşə qızı gəlibmi? Heyif ki, vədəsiz talandı Bəsti, Min yol talansa da, qalandı Bəsti. Sazıynan-sözüynən dolandı Bəsti, Bəstinin dağlara sözü gəlibmi? * * * Getdi Kəpəzə, Qoşqara nəğmə qoşardı, Bizim bu dağlarm Qurbanı getdi. Daha gəlməz səsi eldən, obadan, Getdi, aşıqların sultanı getdi. Aşıqlarm ürəyiydi, gözüydü, Məclislərin söhbətiydi, sözüydü. Elə bil ki, Ələsgərin özüydü, Axtarma gözlərim, cahanı getdi. Biz sayanlar qaldı, fələk nə saydı, Aləm deyər: Bəsti kiri, nə vaydı. Kəlmələri dərdimizə davaydı, Dərdli ürəklərin loğmanı getdi. * * * Getdi (Köçdü Xançobanım fani dünyadan) Köçdü Xançobanım fani dünyadan, Nərgizlər dağlarda bitməmiş getdi. Qaranquş eyvanda yuva qurmamış, Quşlar bala üstə yatmamış getdi. Ağçınqıl bəzəndi, cunalı qaldı, Kəkliyin əlləri xınalı qaldı. Gölləri ördəkli, sonalı qaldı, Heyif, yar muraza yetməmiş getdi. Gözəllər yığnağı, çeşmələr başı, Qızların dəstəsi bir üzük qaşı... Bəsti fəğan eylər, ağladar daşı, Ağ əllərin xına tutmamış getdi. * * * Gördünmü Gedən karvan, əylə görüm köçünü, O yollarda Xançobanı gördünmü? Söylə, nə buyurdu, söylə, nə dedi? Ver bir nişan, o cavanı gördünmü? Söylə, dumandımı dağların başı, Buludlar tökürmü leysan göz yaşı? Baxırmı yollara qərib başdaşı, O dağlarda pərişanı gördünmü? Qara gəldi bu Bəstinin dünyası, Çatdı bülbüllərə qəmi, naləsi, Kəsildi dağlardan tütək, ney səsi, Necə susdu, o tərlanı gördünmü? * * * Hanı Özgələr yanında döymə sinənə, Aşığam deyirsən, avazın hanı? Saza bağlamısan çarıq bağını, Naxışlı saz bağın, qotazın hanı? Yonublar sazını qara taxtadan, Çən tutubdu, təzə düşüb taxçadan. Bir bəzəkli çit tapaydın boxçadan, Qara don geyinmiş, o sazın hanı? Buluda dəyəndə Bəstinin səsi, Onu eşidənin gəlir həvəsi. Oğlan, yeməmisən usta şilləsi, Ustaddan yadigar qapazın hanı? * * * Kor oldu Gözün baxa-baxa, qızın kor oldu, Dərdin nə böyükdü, ay anam mənim! Yazda-yayda dağlarını qar aldı, Dərdin nə böyükdü, ay anam mənim! Bir yar sevdim, yarımadım yarımdan, Ellər zara gəldi, ahı-zarımdan. Mən dönə bilmədim, düz ilqarımdan, Dərdin nə böyükdü, ay anam mənim! Bəsti, yandım, alov qalxdı başımdan, Çay selləndi, gözlərimin yaşından. Ayrı düşdü, torpağından, daşından, Dərdin nə böyükdü, ay anam mənim! * * * Necoldu Başına döndüyüm, ay uca dağlar, Səndə gəzən ağır ellər necoldu? Ala çayvan-çadır, dəyə quranlar, O polad biləklər, qollar necoldu? Söylə bir, növrağım niyə pozuldu? Ay günüm üstünə qara yazıldı, Cəfa gördüm, əlim-əldən üzüldü, Su üstünə gələn yollar necoldu? Canım ola hilal qaşm əyrisi, Dərdin çəkən varmı, məndən qeyrisi? Vur başma, ağla illər ayrısı, Bəsti, soldu çəmən, güllər necoldu? * * * Ay olmaz Zülmü şəbahətdə bəylərin tayı, Olmaz bu dünyada, olmaz, ay olmaz. Nə yar yara yetər, bir murad alar, Bir kimsə vay olmaz, olmaz ay olmaz. Hər nə görsə deyər, külli-var mənim, Alma mənim, heyva mənim, nar mənim, Söndürdü çırağım biilqar mənim, Çeşmim kimi bir çay olmaz, ay olmaz. Çox axtardıq tapammadıq bir çara, Bəylər günümüzü eylədi qara, Bunlar ki, var Bəsti daha dağlara, Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz. * * * Soruş Nəyinə gərəkdi, gəlinəm, qızam, Bunu özümdən yox, ellərdən soruş. Dilinlə ürəyin bir qərar olsun, Düzü düz danışan, dillərdən soruş. Boş danışma, boş başına zor olar, Boş başına dünya bir gün dar olar. Öz sözün özünə əqrəb, mar olar, Taleyini gələn illərdən soruş. Taleyimin sultanı mən, xanı mən, Dürüst bax, Bəstiyəm, yaxşı tanı, mən. Başına çevirrəm bu dünyanı mən, Dünyanı düz gəzdim, yollardan soruş. * * * Yavaş-yavaş Dolu döyüb bizi, bir də döyməsin, Bulud qəzəblənmə, yağ, yavaş-yavaş. Ağçınqıldan qara çəni kənar et, Görünsün gözümə ağ, yavaş-yavaş. Atdaş yaylağıdı ellərə bəlli, Min bir bulağı var, dərəsi selli, Görüm Löyü, qəlbim tapsın təsəlli, Dumanı dağlardan yığ, yavaş-yavaş. Bəsti deyər: gözdə qaldı murazım, Həyanım yollardı, bir də ki, sazım. Hələ ki, ellərdən gəlir avazım, Deyirlər, yaşayır, sağ, yavaş-yavaş. * * * Yerində Mən sənə nə deyim dağlar, a dağlar, Qoymadın qalmağa yarı yerində. Quşdil3 Süleymana xəbər eyləyin, Dünyayam, durmuşam, qarı yerində. Dərdimi söylərəm, bəylər qan eylər, Qaşqabağın tökər, dağ duman eylər. Fələk məni hər gün imtahan eylər, Görəndə ağlaram, sarı yerində. Sevgi hekayətim bulaqda qaldı, Qurudu göz yaşım yanaqda qaldı. Bəsti, gülməyimiz nə vaxta qaldı? Qoymazlar danışım, barı yerində. * * * Tapılmaz Üzülübdür canım el tənəsindən, Hamı deyər, Bəsti evdə tapılmaz. Bir sahıdı, bir sözüdü, bir özü, Bir beləsi daha Löydə tapılmaz. Bu qınağa vallah, mənəm dözürəm, Usanmışam, ölməyə də hazıram, Dərdimi deməyə divan gəzirəm, Yerdə axtarıram, göydə tapılmaz. Hanı Xançobanım, o qoca dağlar, Tutulub gözlərim, görməyir, ağlar, Nə tez viran oldu bağçalar, bağlar, Barlı kollarımda meyvə tapılmaz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-besti-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.