Qoşmalar Aşıq Camal (1850–1907) Baxın Aşıq Camal gülə-gülə gələndən, At üstündə təkcə, yalqız qalanda. Sevibən göyçək arvad alanda, Əzəlinnən onun zatına baxın. * * * Dustağın Çərxi-fələk, sənə qıllam ziyarət, Dönübdür çilləyə, yayı dustağın. Ah çəkib, ah çəkib qan ağlamaqdan Quruyubdur, çeşmi çayı dustağın. Ətrafıma nizam qoşun düzülür, Leysan təki gözdən yaşlar süzülür. Hər saatda bir cür təbil vurulur, Deyəsən tutulur toyu dustağın. * * * Gedirəm Seyr elədim İstambulun elini, Qədəm basıb İsfahana gedirəm. Yeddi ildir yarın həsrətindəyəm, Alışıban yana-yana gedirəm. Mən yarın yolunda çox çəkdim cəfa, Getməsəm, olaram, şəksiz, bivəfa. Ollam qabağında Bağdad xəlifə, Mən dərdliyəm, yar, dərmana gedirəm. Aşıq Camal yola tikmiş gözünü, Bəndə poza bilməz xuda yazanı. İsfahanda Nadir şahın qızını Puta içib Zərnişana gedirəm. * * * Gəlsin Gedin deyin, mənim mələk yarıma, Bir zahmat çakiban buraya gəlsin. Bulut təllər götürsün qabağından, Hilal qaşlar çixub araya gəlsin. * * * Gəlmədi Gecə-gündüz yollarına baxaram, Hanı mənim barabarım, gəlmədi. Məni saldı beylə müşkül hallara Bietibar biilqarım gəlmədi. Genə dərdim ziyad oldu bu gündən Yaramın həsrəti heç çıxmaz candan Nə səbəbdir, yüzün döndərdi məndən? Bu insafsız biqərarım gəlmədi. Şahbazın qəmzəsi mənə yağıdır, Bundan ayrı bal da yesəm, ağudur. Aşıq Camal, ağlamağın çağıdır, Cümləsi gəldisə, yarım gəlmədi. * * * Qalmışam Fələk məni saldı qəm dəryasına, Qəmər atlı yüzə-yüzə qalmışam. Gecələr sübhə tək əfqan eylərəm, Göz yaşımı süzə-süzə qalmışam. Gəzirəm elləri dili salamlı, Mənə irast düşməz bir xoşkəlamlı. Sinəsi dəftərli, dəsti qələmli, Dərd tükənməz, yaza-yaza qalmışam. Aşıq Camal deyər xan diyə-diyə, Vücudum saraldı dərd yiyə-yiyə. Məcnun təki «a Leyli» diyə-diyə Bu dağları gəzə-gəzə qalmışam. * * * Qırmızı Yenə məni dərdə saldı bu gözəl, Yaşıl çarşab, corabları qırmızı. Onu gördüm, fikrim uçdu başımdan, Qaşı qələm, yanaqları qırmızı. Mən ki gördüm şahlar mehribanını, Tamam alır görənlərin canını. Dərdli idi, kəsdirmişdim yanını, Diş mirvari, dodaqları qırmızı. Ərz eyləyim, sən dərdimi biləsən, Mən fəqirlə danışasan, güləsən. Ağlayıram, göz yaşımı siləsən, Mənə çəkdin bu dağları qırmızı. Könlüm evi uçdu, dözə bilmərəm, Dərdimi Fatmaya yaza bilmərəm. İsayam, bu dərdə dözə bilmərəm, Könlüm istər barmaqları qırmızı. * * * Oldu Bəddua çıxaraq ərşə dayandı, Bəlalar üstünə enəcək oldu. Pıryad qıllam, dadım çatmaz bir yana, Allınan çıraqlar sönəcək oldu. * * * Yaxın gəl Hərdəm-hərdəm nə daldadan baxarsan, Gözəllər sultanı, xanı, yaxın gəl. Çıx daldadan, boyun görüm, yar, sənin Yandırma oduna məni, yaxın gəl. Hərdəm-hərdəm al qumaşı geyirsən, Eşq əlindən piyaləni içirsən. Eşitdim ki, təzə qəzəl deyirsən, Oxuduğun mahnı hanı, yaxın gəl. Aşıq Camal səni yadlara qıymır, Tutubdur yaxandan, heç əldən qoymur. Uzaqdan baxmaqdan gözlərim doymur, Elimin şöhrəti, şanı, yaxın gəl. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-camal-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.