Divanilər Aşıq Əsəd (1874–1951) Eyləməz Ağlı olan namərd ilə Əhdi-ilqar eyləməz; Nəfəsinə tabe olub, Seyri-güzar eyləməz; Mərifətlə səfa sürsə, Beş gün ömrü xoş olar; Ruzi haqdan bərqərardı, Baxtın şikar eyləməz. Bəxt əyilib, xəyal dönsə, Baxtın, olmaz ilhamın; Ruhun ölər, gözün görməz, Artar dərdü ələmin; Şükür zikrin qəbul etməz Xaliqi-rəbbül-aləmin; Etiqadın düz olmasa, Sirrin aşkar eyləməz. Aşıq Əsəd, xəyal ilə Gəşt elə, dünyanı gəz; Müxənnətə sirrin vermə, Əsli düz olanı gəz; Zər qədrini zərgər bilər, Mətahın alanı gəz; Hər nadana sözün satma, Qalsa, zərər eyləməz. * * * Gəda Eşidəndə bəd xəbəri, sanki dondu bədənim, Nəcəf kimi bir oğulu etdiniz candan, gəda! Bir cavan, mərd igid idi, sınmaz yağı önündə, Sizə də nifrəti vardı, qorxmazdı qandan, gəda! Mən deyirəm, Nəcəf hələ almamışdı qiymətin, Ağsaqqalın, ustadının qazanmışdı hörmətin. Yusif kimi çox gözəldi, saxlardı düz qamətin, Yeddi dindən dışarısız, yox sizdə vicdan, gəda! Bizim dində siz kafirsiz, sizin dində bilmirəm nə... Əskiklərin əskiyisiz, insanlığa biganə. Vaxt yetişər, bir gün sizə fələk qurar məhkəmə, Daşnaksütun partiyası çıxıb insanlıqdan, gəda! Sizi Allah yaratmayıb, insanlıqdan kənarsınız, Tutduğunuz hər bir işi il keçməmiş danarsınız. İmkan olsa sizdə əgər hər xalqı qırarsınız, Allah fürsət verməsin heç, keçəsiz sandan, gəda! Xaliqim, fürsət vermə qəlbi qara insanlara! Müsəlmanın canları da qurbandır qananlara. Yetişginən insan kimi, tay olma nadanlara, Əsəd deyər, tayınızı yığın hər yandan, gəda! * * * Olmasa Ağlı olan çox danışmaz, Dərdi hazar olmasa; Heç kimsənə xəstə yatmaz, Canda azar olmasa. Axtarıram, yoxdur təbib Dərdə dərman eyləyə: Çox çalışmaq əfsanədi, Haqdan nəzər olmasa. Dərdi olan tüccar kimi Yuklə hər yana gedər; Söylər dərdin dərd bilməzə. Özü əfsanə gedər; Axırında Məcnun olub, Bər-biyabana gedər; Qan ağlamaz, sızıldamaz, Canda azar olmasa. Dərdi olan yad olmasın Ol mövlanın dərdindən; Daima əlin çəkməsin Mərd igidlər sirrindən. Qəlb əyilsə, bulmaz şəfa, Duman getməz sərindən; Şahi-Mərdan-Şiri-Yəzdan Dilində car olmasa. Vaqifin ol gözəllərə Tərif büsatı deyim; Ələsgər, Xəstə Qasımda Var etiqadı deyim; Şirin deyib qaya çapdı Yazıq Fərhadı deyim; Kərəm oda yanmaz idi, Çeşmi-xumar olmasa. Aşıq Əsəd xırd eləsin Daim öz mətahını. Həqiqətin, mərifətin Gözlə bəndərgahını. Doğru, düzgün, qeyrət ilə Saxla dost irahını; Dost dostundan kənar olmaz Mərdiməzar olmasa. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.