Gəraylılar Aşıq Əsəd (1874–1951) Boylana-boylana Cilvələnib kəklik kimi, Ötür boylana-boylana. Müjganların sinəm üstə, Atır boylana-boylana. Eşqinən çalıram sazı, Sənsən aşığın murazı, Bu beymürvət qəmzə-nazı, Satır boylana-boylana. Navat deyərlər adına, Aşiqin salmaz yadına, Şirin canım eşq oduna, Qatar boylana-boylana. Gözüm doymur ala gözdən, Meylini döndərmə bizdən, Aşıq Əsəd,önümüzdən, Ötür boylana-boylana. * * * Kimdən öyrəndin Oğrun-oğrun daldalardan Baxmağı kimdən öyrəndin? Qafildən könlüm evini Yıxmağı kimdən öyrəndin? Gül xəcildi yanağına, Bal bələnib dodağına. Qızıl üzük barmağına Taxmağı kimdən öyrəndin? Mail oldum qələm qaşa, Sədəf kimi incə dişə. Əsədin canın atəşə Yaxmağı kimdən öyrəndin? * * * Yol üstündə duran gözəl Yol üstündə duran gözəl, Söylə görüm, haralısan? Yaranıbsan bir qətrədən, Hansı yerin maralısan? Yaradıb Cabbarü Cəlil, Bədnəzəri olsun zəlil! Nə baxırsan məlul-məlul, Yoxsa yardan yaralısan? Əsəd deyir, intizaram, Açılmış güllərin dərəm. Hər gün sənlə seyrə varam, Heyif, bizdən aralısan. * * * Telinə Səninlə mən görüşəndə, Qolum doladım belinə. Axıdanda göz yaşını, Dözəmmədim mən selinə. Məni axtar gül-çəməndə, Salıbsan məni kəməndə. Şəkər dodağın əməndə, Qurban ollam mən dilinə. Əsəd səni arayanda, Qoymaz səni heç bir yanda, İşvə telin darayanda, Mail oldum mən telinə. * * * Tellərin Gözəl səndə nə qaydadır, Salıbsan yana tellərin. Görəni candan eyləyir, Bir qoy pünhana tellərin. Getmə dayan sən bir Allah, Görən desin a maşallah. Qiymət qoyan olmaz vallah, Getsə hər yana tellərin. Əsədəm oda yanıram, Görcək candan usanıram, Sərrafıyam mən tanıram, Verməm İranə tellərin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.