Qoşmalar Aşıq Əsəd (1874–1951) Bilməzsən Kamil bağban bağ becərər, gül əkər, Sahibi var onun, üzə bilməzsən. Sınar qol-qanadın, düşərsən yerə, Tutar səni qəhri-qəza bilməzsən. Laçın olub səmalarda süzmüşəm, Şonqarların savaşına dözmüşəm, Mən qəvvasam dəryalarda üzmüşəm, Sən qəvvas deyilsən, üzə bilməzsən. Gözəllər hüsnünə çoxdanam heyran, Çıxdım şikarına, alagöz tərlan, Əsədin dərdinə elə sən dərman, Bağrının başını əzə bilməzsən. * * * Biri nə Səhər-səhər üç gözələ tuş oldum, Eyhamınan salam verdim birinə. Hər üçü də bir-birindən sevməli, Biri Badam, biri Püstə, biri nə? Birisi yamşaqlı, birisi şallı, Birisi ağ sifət, yanaqlar allı. Üçü də möcüzə, dilləri ballı. Bir gül tək oxşayır biri-birinə. Dedim, belə məxluq görməmişəm mən, Dedilər, anladıq, vuruldun həmən. Dedim siz üçlüyə deyirəm əhsən, Əsəd də aşiqdir üçdən birinə. * * * Döndüyüm Yalvarıram, qoca demə amandır, Qocalıqda sevmək daha yamandır. Aşiq könlüm hər fəsildə cavandır, Qış başına, yaz başına döndüyüm. * * * İndi A beymürvət, mən ha səndən ötəri, Düşmüşəm çöllərə, sayılam indi. Can çıxar cəsəddən, dur aşkara gəz, O mah-camalına mayılam indi. Dərdli Məcnun kimi, bəlaya tuşam, Mən sənin dərdindən billah,bihuşam. Mey ki içməmişəm, niyə sərxoşam? Əmsəm ləblərindən, ayılam indi. Gördüm camalını, bu nə həvəsdir? Ruhum gedib, cismim quru qəfbsdir. Bu dərdi-möhnətin Əsədə bəsdir, Öldürürsən öldür, qayılam indi. * * * Qabağında Kamil ustadların gülün dərməsən, Həqiqəti sinəm üstə sərməsən, 73 havadan xəbər verməsən, Ölüm yeydi sənə el qabağında. * * * Minayəsənmi Müddətdir düşmüşəm mən intizara, Bircə söylə görüm Minayəsənmi? Zoddu Abdullanı salan azara, Bircə söylə görüm Minayəsənmi? Doldurub gətirsən mey piyaləsi, Canım alır ala gözün şöləsi. Ay beimürvət biinsafın balası, Doğru söylə görüm Minayəsənmi? Əsəd geşt eylədi Bakı, Salyanda, Vəsfin söylənirdi ol Dağıstanda, Heç kim olmaz bu şövkətdə, bu şanda, Doğru söylə görüm Minayəsənmi? * * * Nə bilsin Ay üstə, gün üstə söyləyən aşıq, Türkünü bilməyən, farsı nə bilsin. Oxumayıb əlif, beydən qanmayan, Sən verən öyüdü, dərsi nə bilsin. Özgəsin nə bilər özün bilməyən, Əyrisin nə bilər düzün bilməyən, Məclislərdə doğru sözü bilməyən, İşin avandını, tərsi nə bilər. Sınıq könül cəfasına dözməyən, Elm oxuyub ərəb, farsı bilməyən, Gəşd eyləyib bu dünyanı gəzməyən, Şamı, Ərzurumu, qarsı nə bilsin. Əsədnən meydanda qoşa düşməyən, Aşıqlıq elmindən başa düşməyən, Ustadın əlindən badə içməyən, Yeri, göyü, ərşi-gürşü nə bilsin. * * * O gözəldi, bu gözəl Nagah yerdən üç gözələ tuş oldum, Biləmmədim, o gözəldi, bu gözəl. Camalları bənzər bayram ayına, Seçən yoxdu, o gözəldi, bu gözəl. Birisi sultandı, əyləşib taxtda, Biri kəşt eyləyir kefdə,damaqda. Birinin gözləri canlar almaqda, Seçəmmədim, o gözəldi, bu gözəl. Əsəd girməz hər məclisə, hər toya, Zəhməti, zilləti getməsin zaya. Sərraflar yığışıb qiymətin qoya, Qoy desinlər, o gözəldi, bu gözəl. * * * On il qulluq etdim mən Ələsgərə On il qulluq etdim mən Ələsgərə, Sidqimi bağladım etiqadına. Hər nə desə, qəbul etdim sözünü, Məni də yetirdi haqq baratına. On il qulluğunda dayandım, dözdüm, Dilindən nə çıxdı, sinəmə yazdım. Qırx beş il dünyanı dolandım, gəzdim, Bələd oldum yerin yeddi qatına. Yaxşını götürdüm, yamandan qaçdım, Oxudum, sinəmin dəftərin açdım. İyirmi beş yaşında qaynadım, coşdum, Otuz yaşda mindim eşqin atına. Eşqin səməndini hər yana çapdım, Mərd ilə namərdi axtarıb tapdım. Heç könül yıxmadım, çox könül yapdım, Göz qoydum dünyanın hər büsatına. Əsəd deyir, ustada son qoyanın, Pünhanda laf edib, özün öyənin, Ustad sözün öz adına deyənin Lənət gəlsin onun əsli-zatına! * * * Gəlincə Dostum, mənə vədə verdin, gəlmədin, Çox çəkərəm ahü zarı gəlincə. Xəstə kimi sızıldaram sübhədək, Yata bilməm gecə yarı gəlincə. Gözəl gərək sirr saxlaya dərində, Ağlı, huşu, etibarı sərində. Məcnun kimi durram vədə yerində, Gözləyərəm düz ilqarı gəlincə. Bir namə vermişəm sübhün badına, Yoxsa mən düşmərəm onun yadına? Yanar cismim, atəşinə, oduna, Çəkər könlüm intizarı gəlincə. Ruhum bağlı qalıb siyah telində, Zənbur bal bağlayıb şirin dilində. Əsəd deyir, gözüm qalıb yolunda, Çıxır canım bizə sarı gələncə. * * * Sən məni Sənə neyləmişdim mən bəxti qara, Niyə saldın bu azara sən məni!? Hər nə desən, əmirindən qaçmıram, Qul adına çək bazara sən məni. Yusif də qul oldu o Züleyxaya, Kərəm Əsli deyə girdi kilsaya. Onlar kimi məni saldın sevdaya, Tüccar etdin ahü zara sən məni. Bağban oldum, bağda barı gözlədim, Vaxt addatdı, gecə yarı gözlədim, Doğru sözü, etibarı gözlədim, Bənd eylədin düz ilqara sən məni. Gözüm qaldı gözlərinin məstində, Cəllad qaşın durub canım qəsdində. Xəstənin dərmanı sinən üstündə, Həsrət qoydun bir cüt nara sən məni. Niyə qoydun yana-yana Əsədi? Yetirmədin bir dərmana Əsədi. Eyləyibsən bir pərvana Əsədi, Yandırırsan, ay Sitara, sən məni. * * * Səni Yerin alt qatına çox da əl atma, Götürübən yerə vurarlar səni. Laf edib deməynən dünyada mənəm, İynətək nəzildib sorarlar səni. Aç gözünü tanı mar qabaqdadı, Yağdırar başına qar qabaqdadı, Adı dildə olan car qabaqdadı, Pələnglə döyüşmə, cırarlar səni. Əsəd də dünyada qəmə dalarmı? Naşı olsa dəryalara dalarmı? Beş uşaq atası eşqə dalarmı? Axta erkəklərtək burarlar səni. * * * Üç il, beş il, on beş il Yaxşı dostun mən sirrini açmaram, Assalar da üç il, beş il, on beş il. Namərd süfrəsində təam yemərəm, Kəssələr də üç il, beş il, on beş il. Nəsli əyri olan özü düz olmaz, Mərd igidin səxavəti az olmaz, Bivəfanın əhd-ilqarı saz olmaz, Yoxlasan da üç il, beş il, on beş il. Paxır kəsən dəmir polad qat olmaz, Bədəsildə nə kök, nə də zat olmaz, Beygir gəlib köhlən kimi at olmaz, Bəsləsən də üç il, beş il, on beş il. Ustadların nişanəsi məndədi, Nəsihəti, dürdanəsi məndədi, Aşıqlığın kök binası məndədi, Saxlayacam üç il, beş il, on beş il. Əsəd deyir elə düşsün güzarın, Az balıyla şirin olsun azarım, Yar gəlsə azalar dərdim, azarım, Gözləyəcəm üç il, beş il, on beş il. * * * Yadıma düşdü Şanlı məktubunu oxuyanda mən, Çalmalı dağları yadıma düşdü. Təndir torpağının alma çiçəyi, Lilpar bulaqları yadıma düşdü. Dalı Gödək güney, qabağı Çatar, Fermanın dövləti dağları tutar. Ömürlər uzadar, mətləbə yetər, Bu gözəl çağları yadıma düşdü. Başı Çalmalıdı, ayağı düzlər, Toyda oynayırmı gəlinlər, qızlar? Oxuyub çalırdım sədəfli sazlar, Gözəl yığnaqları yadıma düşdü. “Göyçənin qonağa çoxdu hörməti”, Təzə cavanların var məhəbbəti. Qayğanaq, qəysəfə, əmliyin əti, Eyvan-otaqları yadıma düşdü. Əsəd bu fanidən köşüb üqbaya, Dəli könül yenə qalxıb havaya. Qoçdaşın düzləri, Buxarlı qaya, Tərlan ovlaqları yadıma düşdü. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.