Təcnislər Aşıq Əsəd (1874–1951) Ayağa salmaz Gəzdim, kəşt elədim yaxın-uzağı, İndi səfbrimdi ayağa salmaz. Könül zənbur kimi dolanır şanı, Pərvanə cismimi ayağa salmaz. Dost gərək ki, yaxşı dostu sinayə, Alnımıza yazılıbdı sin ayə. Məhəbbət xəncərin qoysa sinaya, Dost dostu sındırıb ayağa salmaz. Bilirsənmi, danışıram nə sarı, Bəxt əyilsə, rəngi olar nə sarı. Abad könül, sən nə sındır, nə sarı, Haqq kəsməz nəzərin, ayağa salmaz. İstər məni dost yolunda kəs,qala, Əyri çıxsam, qur divanı, kəs qala. İstəmərəm müxənnətdən kəs qala, Mərd igidlər məni ayağa salmaz. Əsədin bəxtini salma qəzaya, Mənim məzarımı kimlər qazıya. İgid ürcah olsa qəhri-qəzaya, Mərdlərin mövlası ayağa salmaz. * * * Ata-at Yenə baş qaldırıb düşmən yuvadan, Dağlarda başlayıb, yenə at-a-at. Bir anda kəsdirir, düşmən üstünü Qırattək qaçışda çatır ata-at. Döyüş aparılır nahaq haqqına, Qüdrət Allahındır, girməz haqq qına, Bədəndən ayrılır başlar haqına, Yetiş bu döyüşə, sən də ata at. Bu nər döyüşüdür, minib Qırata, Tutub yalmanından, yatıbdır ata, Qovur düşmənləri hey ata-ata, Doldur güllələri Əsəd ata, at. * * * Dürüst olmamış Kamil ovçu durub ov bərəsində, Atmaz xədəngini dürüst olmamış. Sərraf olan seçər ləli, gövhəri, Arayıb dəstində dürr üst olmamış. Əgər qəvvas isən, axtar adamı, Göydən yerə neysan yağar, a damı. Dürüst adam gəzər dürüst adamı. Nadürüst axtarar dürüst olmamış. Əsəd bəhri-mühit çaylar toxuna, Qayıq üzə, ləpə gələ toxuna. Cürbə istər gölə, şirə toxuna, Elmi cəm eyləyib dürüst olmamış. * * * Hasına Eşq əlindən cavan ömrüm solubdu, İndən sonra heyifinim hasına. Ömür başa yetib, dil təng olubdu, Bu dərdimdən dərman olar hasına? Mərd igidlər el içində qaladı, Eşq atəşin, bu sinəmdə qaladı, İgid ölsə bu dünyada qal adı, Xoşbəxt odu qismət ola hasına. Tale bərk yüklüdü, çatmır aza dam, Şükürlər olsun ki, qəmdən azadam. Dostluğa möhkəmdir Əsəd, az adam, Tamahkırı ha yoxlaşdır, ha sına. * * * Hey yanar Beş gözəlin aşiqiyəm müttəsil, Könül istər, tapmaz, nara hey yanar. Zərrəcə görməsəm mah camalını, Sızıldar bədənim, nara hey yanar. Müsəlman şərtində beşi bilməyən, O ərşdə yazılan beşi bilməyən. Vaxtını addadıb, beşi bilməyən, Məhşərdə cəsədi nara hey yanar. Xəstə sızıldayar nara yetməsə, Təbib neşdər vurmaz yara yetməsə, Rzayev Əsəd də yara yetməsə, Xab etməz sübhətən, nara hey yanar. * * * Nə qara səni Dedim, könül, durma dağ zirvəsində, Bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə, obaya, Bürüyər nə ağ gün, nə qara səni. Yetişməz dostların heç vaxt haraya, Deyən olmaz, görüm getdi haraya? Gözün dikmə hər həftəyə, hər aya, Nə Əli axtarar, nə Qara səni. Təbib gərək, sinəsini o yara, Açıb ürəyini, eylər o yara. Uzaqdadı, əli çatmaz o yara, Əsəd heyran etdi nə qara səni? * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.