Deyişmələr Aşıq Heydər (1867–1949) Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (1) Aşıq Nəsib: Pul, var-dövlət olan kasıba gəlməz, Əliqabarlıdan uzaq dolanar. Bəxt tapar axmağı, ya da sarsağı, Mərdin də başına sazaq dolanar. Aşıq Heydər: Gətirməz dünyada kəsıbın işi, Nə olsun hər yanda uzaq dolanar. Qurumaz hər zaman gözünün yaşı, Yediyi qarınla pazax, dolanar. Aşıq Nəsib: Göyçək gərək verə pislə baş-başa Yanıb tökülənlər edə tamaşa. Kişinin hər işi ilişir daşa, Xoş gün ona olar yasaq, dolanar! Aşıq Heydər: Fələyin qanunu yazılıb belə, Çirkin-pis tuş olar türfə gözələ. Fağırın könlünü kim alar ələ, Demək-gülmək ona yasaq, dolanar. Aşıq Nəsib: Qəribə işləri çox gördüm Nəsib, Fələk çoxlarının nəfəsin kəsib. Vaxt var boran olub, betər bad əsib, Kimi dərd içində naçaq dolanar. Aşıq Heydər: Dünya görən bilir avandı-tərsi Kənd-kənd dolanmışam Çıldırı-Qarsı. Pirim pünhan yerdə veribdi dərsi, Demə Aşıq Heydər qoçaq dolanar. * * * Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (2) Aşıq Heydər: Yahu-yahu deyən kəslər ucadadı, ay Nəsib, Oğru olan, çuğul olan bacadadı, ay Nəsib. Əyri yollar bizə olmaz, uğraşırıq haqla biz, Yaxşı mətləb, dürlü sözlər qocadadı, ay Nəsib. Aşıq Nəsib: Mərd olanlar uca tutar təmiz adı, ay Heydər, Kökü bəlli, düz əməlli əsli-zatı, ay Heydər. Oğru, çuğul nə karədir, salma sözü belə sən, Gəl bu yerdə yaddan çıxart mazarratı, ay Heydər. Aşıq Heydər: Yaxşı işdən, xoş niyyətdən sözünü tut, söz danış Ya alış yan, qiybət elə, bu fələkdan yüz danış. Düz adamsan yolun birdi həqiqəti düz danış, Sən seçənsən doğru-durust dostu – yadı, ay Nəsib. Aşıq Nəsib: Yaxşıynan pis qoşa gedir, aramıza cüt çıxır, Vaxt olur ki, güzranıma salaxana it çıxır. Adam var ki, var-yox gedir, el içinə lüt çıxır, Yeri-yurdu viran olub, çaladadı, ay Heydər. Aşıq Heydər: Tanrı verən paya şükür, azı-çoxu deyəmməm, İnsanların gözü acdı, çoxu toxdu deyəmməm. Qismət verən özü bilir həmin vaxtı deyəmməm, Alan bir gün alacaqdı amanatı, ay Nəsib! Aşıq Nəsib: Haqq verənə mən qailəm, sən özün də bilirsən, Hara getsən peşimləsən, sən də ora gəlirsən. Telli sazla ürəklərdən dərdi-qəmi silirsən, Mən olmuşam sözdən kənar, onun matı, ay Heydər! * * * Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3) Aşıq Heydər: Bu dünyada dərd görmüşəm, Ağrıyıb başım mənim. Odur elə ürəyimə, Axıb göz yaşım mənim. Çox gəzmişəm, dolanmışam, «Haqq» deyə-deyə eldə. Qazandığım el hörməti, Dərddi daşbaşım mənim. Aşıq Nəsib: Sən də mənim bir tayımsan, Dağılmaz huşum mənim. Neyləyim ki, Heydər deyir, Bu könül quşum mənim. Bizim bu doğma ellərdə, Yaxşıca gəzmək gərək. Mən ellərdən güc almışam, Bişibdi aşım mənim. Aşıq Heydər: Çox odlara tutuşmuşam Hələ də sönmür odum; Qıpqırmızı qızarıbdı Təndir tək könül badım. Qızınanlar heç az deyil, İçində dostum-yadım. Bəxt deyilən qara gəlib, Ağırdı daşım mənim. Aşıq Nəsib: Ey yolunda gəzən aşıq, Dərdə düşər – qaydadı. Bərkə-boşa düşmək yəqin, Haqq quluna faydadı. Ömrü kəsir – fələyə bax, Gör bir o nə haydadı. Sən də çox yaxşı bilirsən, A qəm yoldaşım mənim! Aşıq Heydər: Neyləməli, sözdü gəldi, Biz də dilə gətirdik. Dərdü-səri qəlbimizdən Atdıq, ələ gətirdik. Söz-söhbəti şirin edib, Eldən-elə gətirdik. Heydər, amma unutma ki, Artıbdı yaşım mənim. Aşıq Nəsib: Söz ki gəldi ortalığa, Könlümüz güldü burda. Hər deyilən yeni fikir, Təzə-tər güldü burda. Nəsib, qəmdən çox danışdıq, Belini bükdük burda. Dərd deyilən, bax, azaldı, Bir oldu beşim mənim. * * * Çoban Əli ilə Aşıq Heydərin deyişməsi COBAN ƏLİ: Bir sarı köynəyin yandın oduna, Düşdün çöldən-çölə divanə kimi. Oduna bir kimsə su da səpmədi, Qəlbin yanıb oldu viranə kimi. AŞIQ HEYDƏR: Haqqı dana bilməm, önündə qulam, Tez-tez incitsə də dərdü- sər məni. Çöllərə düşəndən cavan yaşımdan, Təbim moc verdikcə tərpədər məni. ÇOBAN ƏLİ: Durub dincəlmədin eşq ataşından, Bir kömək görmədin yar-yoldaşından. Qoruna bilmədin qəmin daşından O yıxıq qəlbini qurana kimi. AŞIQ HEYDƏR: Kimi uzaq oldu eşq ataşından, Coxu məğlub çıxdı dərd savaşından, Yolumu hey saldım bulaq başından, Qəm də etdi belə dərbədər məni. ÇOBAN ƏLİ: Çoban Əli deyər, haqqı danma gəl, Mərdin qabağına çıxar yüz əngəl. O qara baxtınan olursan mətəl, İndi dolanırsan pirana kimi. AŞIQ HEYDƏR: Aşıq Heydər deyər yatdığım yerdə, Ərərnlər-ərəni üstümdə durdu. Nur dolu badəni əlimə verdi, Içdim tutdu odu bir qədər məni. * * * Aşıq Heydərlə Aşıq Qənbərin deyişməsi Aşıq Qənbər: Başım neçə daşa dəyib, Günüm keçib bu dağlarda. Yağış yağıb, dolu döyüb, Günüm keçib bu dağlarda. Aşıq Heydər: Başa hərdən daş da dəyir, Gün görmüşük bu dağlarda. Fələk qanan kəsi döyür, Gün görmüşük bu dağlarda. Aşıq Qənbər: Yaxşı günüm çox az olub, Gümanım sözbət-saz olub. Boran əsib, ayaz olub, Günüm keçib bu dağlarda. Aşıq Heydər: Yaxşı günü tapmaq olmaz, Doğru yoldan sapmaq olmaz. Sazdan-sözdən qopmaq olmaz, Gün görmüşük bu dağlarda. Aşıq Qənbər: Pis günlərə dözə-dözə, Gün görürəm təzə-təzə. Mən qane olmuşam aza, Günüm keçib bu dağlarda. Aşıq Heydər: Pis günü mən də görmüşəm, Duman da, çən də görmüşəm, Düşəndə bəndə görmüşəm, Gün görmüşük bu dağlarda. Aşıq Qənbər: Yetimlikdə böyümüşəm, Daşa dəyib könül şüşəm. Qanadı qırıq bir quşam, Günüm keçib bu dağlarda Aşıq Heydər: Mənim də könlüm sınıqdı, Bağrımın başı yanıqdı. Çırağım yanır, sönükdü?! Gün görmüşük bu dağlarda Aşıq Qənbər: Adım Qənbər, özüm fağır, Dərdim çoxdu, yüküm ağır. Sən ustadsan, bir çal-çağır, «Günüm keçib bu dağlarda». Aşıq Heydər: Könlümü elə vermişəm, Heydərəm, başda durmuşam. Ağır məclislər qurmuşam, Gün görmüşük bu dağlarda. * * * Mərəndli Məşədi Muxtarla Aşıq Heydərin deyişməsi Aşıq Heydər: Hanı Ağbabanın uca dağları? Bir başımdan qalxan dumana bax - bax! Vətəndi kiridən mən tək ağları, Sən mənim qəlbimdə gümana bax – bax! Məşədi Muxtar: Bir az insaf elə, ağlatdın bizi, Yenə dərdi qoydun kamana bax- bax! Yandırdın söz ilə mərdi odlara, Ah çəkir Məmmədə, Zamana bax- bax! Aşıq Heydər: Vətən həsrətindən yanıb gül oldum, Özüm öz dərdimə qara qul oldum. Mərənd qucaq açdı, buna gül oldum, Ürəyimdə qopan tufana, bax-bax! Məşədi Muxtar: Axı səni sevir hər kəs bu yerdə, Yurdu itirəndən düşmüsən dərdə! Şükür rast olubsan kişiyə, mərdə, Bu gözəl dəmlərə, həm ana bax-bax! Aşıq Heydər: Dar gündə dadıma çatdı yetənlər, Amma ki, beynimdən çıxmır ötənlər. Ölən öldü getdi, qaldı itənlər, Bizləri yandıran zamana bax-bax! Məşədi Muxtar: Mərənd mərd yurdudu, darıxıb durma! Ay söz xiridarı, qəmə baş vurma! Könül sarayını ahla uçurma, Gözümdən damcı tək damana bax-bax! Aşıq Heydər: Ürəyim yaralı, sinəmdə od var, Yurdun qucağında bir ayrı dad var. İllər ayrısıyıq, qohum var, yad var, O qaçhaqaç salan yamana bax- bax! Məşədi Muxtar: Dar gündə dadıma yetənlər oldu, Mərdin harayına çatanlar oldu! Özünü odlara atanlar oldu, Fikirə, xəyala cumana bax- bax! Aşıq Heydər: Ağbaba deyəndə qəm gəlir gözə, Vətən həsrətindən gəlmişəm dizə! Yenə Yetim Heydər güc verir sözə, Bəlkə gələ bir az imana bax - bax! Məşədi Muxtar: Muxtarı hər zaman öz yanında gör, Dərdi gözdən itir, dəmə də yer ver. Könlü sınaq çoxdu, bizə dayaq dur, Gətirmə könlümü amana bax-bax! * * * Aşıq Heydərlə Şikəstə Pərinin deyişməsi Aşıq Heydər: Bulaq üstə duran qızlar, Xəbər verin ellərimnən! Suzuxmuşam su istərəm, Tər xınalı əllərinnən. Şikəstə Pəri: Bizlər su vermərik yada, İlqar - iman gedər bada. Gözəlləri salma oda, Su iç qalma yolunnan. Aşıq Heydər: Əslim Türkdü, mən danmaram, Canım odlara salmaram. Belə bulaqdan qalmaram, Xəbər verin ellərimnən. Şikəstə Pəri: Babamın ismi Piridi, Babam bu yerin nəridi. Ölməyib hələ diridi, Su iç qalma yolunnan. Aşıq Heydər: Nər oğlu, nərin biriyəm, Ağ sinən üstə çürüyəm, Baban ölə mən sürüyəm, Xəbər verin ellərimnən. Şikəstə Pəri: Eşqin dərindi dəryası, Pərin ölüb al qisası. Az danış, zalım balası, Su iç qalma yolunnan. Aşıq Heydər: Tapmışam qəm – kədəri, Dağılıb könlüm şəhəri, İncitmə Aşıq Heydəri, Xəbər verin ellərimnən. Qızlar bulaq başından gedəndən sonra Aşıq Heydər qəlyanına siqar doldurub bir-iki qurtum sinəsinə çəkir. Sonra arxası üstə uzanaıb səmaya baxa - baxa deyir: Bir bulaq başında maralı gördüm, Ağlımı başımdan apardı getdi. Sözləri ox oldu, keçdi sinəmdən, Könlümü sinəmdən qopardı getdi. Bir sular sonası çıxdı qarşıma, Bir nəhəng ildırım çaxdı başıma. Fələk məni çırpdı əhlət daşına, Gözlərim qaraldı, o vardı getdi. Gözəllər gözəli Borçalı qızı, Qövr edən yarama, gəl basma duzu. Qaranlıq səmanın Zöhrə ulduzu, Bütün varlığımı o yardı getdi. * * * Aşıq Heydərlə Yetim Ləvəndin deyişməsi Aşıq Heydər: Nə ucadı, nə alçaqdı, Bu məqamlar kimdədi? Gözəl işlər, gözəl peşə, Böyük namlar kimdədi? Pul oduna ömür verən Nə qazanar dünyada? Haqq ataşı, üzün nuru, Dolu camlar kimdədi? Yetim Ləvənd: Mərd ucadı, namərd alçaq, Uca məqam mərddədi, Gözəl işlər, gözlə peşə, Böyük namlar mərddədi, Pul oduna yanan kəslər Faniliyi qazanar, Haqq ataşı, üzün nuru, Dolu camlar mərddədi. Aşıq Heydər: Varü-dövlət, qızıl-gümüş, Ləlü-göhhər nə şeydi? Nədi söylə kişi işi Bu dünyada nə yeydi? Qara saçı nə ağartdı, Əlif qəddi nə əydi? Ağır məclis, şirin söhbət, Qara damlar kimdədi? Yetim Ləvənd: Varü-dövlət, qızıl-gümüş Aqillərə nə şeydi, Kişi işi səxavətdi, Eylik eləmək yeydi, Qara saçı, əlif qəddi Qoca fələk tez əydi; Ağır məclis, şirin söşbət, Qara damlar mərddədi! Aşıq Heydər: Mərd dediyin necə kəsdi, İşi-gücü yoxdumu? El içində yeri-yurdu, Varı-yoxu çoxdumu? Mala-pula meyl eləmir Harda qurub taxtını? Aşıq Heydər sual eylər Şirin dəmlər kimdədi? Yetim Ləvənd: Mərd deyilən haqq elçisi, Yaxşı bilir işini! Əzəl başdan heç buraxmır Yaxşılığın peşini; El içində məclis qurar. Mərdə verər aşını; Yetim Ləvənd doğru söylər Şirin dəmlər mərddədi! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-heyder-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.