Divanilər Aşıq Heydər (1867–1949) Düşmüşəm Bir qanmazın ucbatından, Böyük bəlaya düşmüşəm. Açılıb yerin göbəyi, Yanar lavaya düşmüşəm. Müxənnətin yoxdu zatı, Çürükdü onların qatı, Məni satıb keçəl Tatı, Qarsda qalaya düşmüşəm. Urus gəlir, millət gedir, Qaradavoy “malçi” deyir. Çinovniklər at belində, Körpə uşaqları döyür. İblisə oxşayan kafir, Qaxtağan nadanı öyür. Bura şeytan məclisidi, Çaşıb aloya düşmüşəm. Gedəmmədim ziyarətə, Gözlərim yolda qaldı! Neçə illik qazancımı, Urus əlimdən aldı! Qəsdi məhv etməkdi məni, Qarsın qalasına saldı! Namərd yağının cəngində, Mən ah – vaya düşmüşəm. Bir göz qırpımında, ellər, Müqəddəs yolu getdim! Öpdüm ziyarət daşını, Mətləbimə mən yetdim! Ruhum uçdu Ərəfatdan Haqq ətəyindən tutdum! Mövlam yetişdi dadıma, Ərşü - əlaya düşmüşəm. Sinəmdə bir tufan qopdu, Haq nurunda üzürəm! Bu yollarda, kim deyər ki, Mən usanıb bezirəm!? Cənnəti – rizvana girib, Güllərini üzürəm! Mən Aşıq Heydər olandan, Müsəllaya düşmüşəm! * * * Gəlmişəm Yahu,Yahu! deyə - deyə, Bu meydana gəlmişəm. Agam mənə yol göstərib, Yol ərkana gəlmişəm. Qazandıgım el hörməti Zəhmətimin bəhridir. İçib eşqin badəsini, Şirin cana gəlmişəm. Təriqətdən dərs almışam, Şəriətdən halıyam. Adı dil əzbərim, özü təkdi, Mən mövlamın quluyam. Şərurdanam, köküm bəlli, Məqamım var, uluyam. Qurana baş endirib, Din - imana gəlmişəm. Açmışam sinəm, ay bala, Əyil bax bu güzgüyə. Aşıx gərək hər məqamda, Ədəb - ərkan gözdüyə. Yüz daşına, yüz düşünə, Mətləbini düz deyə. Mən ellərə arxalanıb, Şöhrət – şana gəlmişəm. Aşıq odur danışanda, Ağzından nur süzülə. Sözləri də nizamında, Muncuq təki düzülə. Mərd – mərdana məclis qura, Pisin canı üzülə. El içinda gəzə - gəzə, Ətə - qana gəlmişəm. İnsan olan, dəli olma, Yola gəl, haqqı tanı! Qadir Allah lazım bilib, Xəlq eləyib insanı. Alan bir gün alacaqdır, Verdiyi şirin canı. Yönüm düşüb dağ – dərəyə, Biyabana gəlmişəm! Bu dağların zirvələri, Buludlara ucalıb. Aşıq Qurban bu ellərdə, Yaradandan güc alıb. Götür qələm, vur kitaba, Sözləri məndə qalıb. Köhnə yaram sızıldayır, Ox - kamana gəlmişəm. Ümmanlara baş endirmək, Dəryanın qaydasıdı. Qəribə paşa demişəm, Yetimlər atasıdı. Can istəsən əsirgəməz, Bu elin qalasıdı. Həqiqətdən halıyam mən, Haq divana gəlmişəm. Bu ellərin çəngavəri, Mahmud ağa, Mahmud ağa. Qabağında diz çökübdür, Yüzlərlə qaxtağan dığa. İgidlərə bəli dedim, Canım ona sadağa. Dastan deyib ərənlərə Toy - nişana gəlmişəm. Aşıq Şenlik adı gələndə, Məclislərə nur yağır. Nəsib meydana girəndə, Çoxları olur fağır. Bura saqi məclisidir, Məhəmmədi də çağır. Matahım həmin matahdı, Sözlü xana gəlmişəm. Bu mollaya mən nə deyim, Sınayır öz baxtını. Sübh namazı qanad çalıb, Gözləyir yas vaxtını. Dirilərdən xərac alıb, Doldurur daş taxtını. Bu zalımın zülümündən, Bezif cana gəlmişəm. İncitmə Aşıq Heydərı, Qorx cəhənnəm odunnan. Molla Dursun, sən şeytansan, Danışma haq adınnan. Mən atlıyam, piyadasan, Çıxmasın bu yadınnan. Süvar olub səmənd ata, Qağızmana gəlmişəm. * * * Gərək (Aşıq Qurbaniyə bənzətmə) Ey fələk sənlə əlləşməyə, Bir böyük meydan gərək. Bir sən olasan, biri mən, Bir adil divan gərək. Yetmiş idim mürşüdümə, Dərdimə dəva qılam. Mən nə bilim mən gəlincə, Xakinan yeksan gərək. Muyi zifin kölgəsində, Bir zaman yatmaq gərək. Tabutumun sərv ağacı, Gül kəfən etmək gərək. Tez yuyun, tez aparın, Məqama yetmək gərək. Umaram ki, bər Xudadan, Cənnəti məkan gərək. Heydara derlər ki, ey əzizim, Yar üçün qəm eyləmə. ....... ....... ....... ....... Bunu yazan belə yazıb, Çoxlara nişan gərək. * * * Mənəm Dəymə fələk, dəymə mənə, Ümmanda qərq olan mənəm. Hicri-qəmin qucağında Dəryada qərq olan mənəm. Düşmüşəm qəm dəryasına, Dinib - danışa bilmirəm. Gözlərim baxmır sözümə, Sellərdə qərq olan mənəm. Qəm mülkünün paşasıyam, Virandı könlümün mülkü. Ax, ay zalım, zalım, zaman, Yıxmısan binəmi bil ki! Gəlin görün nə haldayam, Bəyənmir aslanı tülkü. Sönüb könlümün günəşi, Tufanda qərq olan mənəm. Dindirməyin məni, ellər, Yaram sağalmaz yaradı. Danışmağa halım yoxdu, Hər yerim para - paradı. Desələr ki, Aşıx Heydər, Bir topdağıtmaz qaladı. Qızıldan taxtım olsa da, Yeksanda qərq olan mənəm. * * * Molla Qara Dillərə salaram səni, Od tutarsan, molla Qara. Xəstə olub sürünərsən, Çox yatarsan, Molla Qara. Başın dəyər neçə daşa, Huşun itər, ağlın olmaz, Düşərsən tozlu yollara, Dərd satarsan, Molla Qara. Mollalardan xeyir gəlməz, Neçə-neçə görmüşəm mən, Üz-üzə gəlmişəm, neynim, Paylarını vermişəm mən. El içində ad-sanım var, Məclisimi qurmuşam mən. Mən atlıyam, piyadasan, Sən çatarsan, Molla Qara. Cıldır, Ağbaba, Qağızman, Qarsdan belə gəzən mənəm. Şirin-şirin söhbətləri, Nizamlayıb düzən mənəm. Dərin-dərin dəryalarda, Qəvvas kimi üzən mənəm. Üzmə şərin ümmanında, Tez batarsan, Molla Qara. * * * Sən Gözün qızıb, ağlın itib, Gəlibsən meydana sən, Dayanamazsan, a bala, Burada mərdana sən; Qol qırılar, əng əzilər, Sonra peşiman olarsan, Ataşı salarsan betər, Əyilən gərdənə sən. Dana kimi buynuz atıb, Kələ sürtünmə belə. Gülünc olub el içində, Düşərsən dildən-dilə, Köməyinə çatan olmaz, İstər yüz ağız mələ. Tay olarsan gədələrə, Oxşarsan xortdana sən. Aşıq Heydər haqqı öyər, Öyüdünü eşit gəl. Kolu-kosu tez aparar, Qopsa əgər qəfil sel. Kor deyilsən sən, ay gədə, Gözlərini yaxşı sil; Doğru söz de, düşün danış, Uymaynan şeytana sən. * * * Olubdu Baxın, Məhəmmədin işinə, El içində xar olubdu. Uyubdu şeytan felinə, O xənnasa yar olubdu. El eşidib, özü də bilir, Sanasan ki, kar olubdu. Bəyənmir dostu- tanışı, Bu qurumsaq kor olubdu. Məşədi iki qoyun verib, Bu gəda quzuya dönüb. Saqqalı bulaşıb yala, Nazilib tazıya dönüb. Öksüzdə meydan açıbdı, Deyirlər qazıya dönüb, Vurulub dünya malına, İşi tam ah - zar olubdu. Doğru söz de, düşün danış, Hədyan demə qul Heydara. Ağlın qaçıb, huşun itib, Başın götür vur divara. Yahu, yahu deyə - deyə, Əl atmışam Zülfüqara. Adına dastan demişəm, Mahallarda car olubdu. * * * Var Dediyini yaxşı qandım, Hər yerin pələngi var, Kiminin yaxşı sifəti, Kiminin bəd rəngi var; Yaxşı-pislə qoşa gedər, Bu dünyada yan-yana Tula ayrı, köpək ayrı, Bir də maşqı, şəngi var. Mərdə tanrı hər şey verib, Bilirsən bunu sən də, Sözlərimə sən baxırsan, Batıb noğula, qəndə; Mən də sözün aşiqiyəm Niyə durum ki, gendə Güləşmirəm, deyişirəm Sözün də bir səngi var. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-heyder-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.