Gəraylılar Aşıq Heydər (1867–1949) Ağbabada Ağlayıram göz yaşıynan, Sellər qalıb Ağbabada. Dünya mənə xor görünür, Güllər qalıb Ağbabada. Sevgimə yetmək istərəm, Baş alıb itmək istərəm, Vətənə getmək istərəm, Yollar qalıb Ağbabada. Əsam dönüb ilan olub, Adil divan yalan olub, Aşıq Heydər talan olub, Ellər qalıb Ağbabada. * * * Ana Haqq işinə qarşı getmə, Məni oda atma, ana. Bu sevda haqdan gəlibdi, Ayıq olnan, yatma, ana! Mənim başımı əydirmə, Görən gözümüm oydurma. Məni qəm ilə doydurma, Yollarımı tutma, ana! Bu sövdadan dönmək olmaz, Sal qayadan enmək olmaz. Eşq yolunda sönmək olmaz, Qollarımı çatma, ana! Yazı yazan yazıb bunu, Tanrıya tutsan bir yönü. Bu eşqin görünmür sonu, Günaha gəl batma, ana! Oğlun Heydər aşiq olub, Gül irəngi saralıb solub! Qəlbim ağlar, gözüm dolub, Gəl başımı qatma, ana! * * * Bilmirəm Dili bağlı necə durum, Dinib - danışa bilmirəm. Bir çayam, suyum quruyub, Qaynayıb- daşa bilmirəm. Kimsə anlamaz dərdimi, Qana bilmirəm mərdimi. Sovet biləcək qədrimi? Çıxaram başa - bilmirəm. Kefi duru erməninin, Halı yaxşı ölməlinin. Vaxtıdı gicin,dəlinin, Olublar paşa, bilmirəm. “Böyükdü” gədə - güdələr, Bicdən, şeytandan ötələr. Istərlər məni didələr, Dəyib - dolaşa bilmirəm. Aşıq idim, adım qalıb, Ocaq idim, odum qalıb, Təndir idim, badım qalıb, Deyim sirdaşa, bilmirəm. Boğaza keçən çatıdı, Şura kasıb dövlətidi?! Türkə düşməndi, qatıdı, Buna baş qoşa bilmirəm. Çuğulluq peşə olubdu, Boş başlar huşla dolubdu. Heyrərdən Allah alıbdı, Çalım, çalışa bilmirəm. * * * Deyilmi Mənə qara deyən yarım, Gözlərin qara deyilmi? Yaxın gəlib dindirmirsən, Ürəyim yara deyilmi? Təzə gülsən, dodağın bal, Şirin danış, könlümü al. Haqq quluna yoxdu zaval, Qaşın aypara deyilmi? Mən Heydərəm, insaf eylə, Dərd gəlir, qabağın əylə. Ürəkdən keçəni söylə, Edərsən çarə, deyilmi!? * * * Gedirəm Məni salma yanar oda, Gedirəm, ana, gedirəm. Neylər mənə qəza-qada, Gedirəm, ana, gedirəm! Yolum gedir, İstanbula, Haqq köməkdi qara qula. Yar gərək yarını bula, Gedirəm, ana, gedirəm! Halal eylə, icazə ver, Yuxarıda Allahı gör. Gəl bu uçuq qəlbimi hör, Gedirəm, ana, gedirəm! Haqdan içmişəm badəni, Sinəm gövhərin mədəni. Gedim görüm gülbədəni, Gedirəm, ana, gedirəm. İstəyirəm görəm yarı, Alma əldən ixtiyarı. Sənsən Heydərin tutarı, Gedirəm, ana, gedirəm! * * * Mərd sağ olsun Fələyin qəhri az deyil, Xeyri ya baxta baxtadı. Nə bilirsən nə olacaq, Xeyirnən şər qabaxdadı. Kasıb könlü geniş olar, Yolu yoxuş-eniş olar. Dəmə də bir dönüş olar, Tək çörəyi tabaxdadı. Heydər deyər mərd sağ olsun, Biri min bir budaq olsun. Kefi yaxşı, üzü ağ olsun, Onun gözü qabaxdadı. * * * Kimə deyim Bu zəmanə betər gəlib. Mən dərdimi kimə deyim?! Qananlara kədər gəlib, Mən dərdimi kimə deyim?! Daha eşitdiyim budu: «Davariş»lə xaraşodu. Dilimə almışam odu Mən dərdimi kimə deyim?! Namərd görmüşəm Soveti, Nədi - gədə hökuməti! Mərdin qalmadı qiyməti, Mən dərdimi kimə deyim?! Tuthatutda mərd qalmadı, Bircə abad yurd qalmadı. Ermənidə dərd qalmadı, Mən dərdimi kimə deyim?! Qarsın yolları bağlandı «Türk» deyən dillər dağlandı. Həqiqət pünhan saxlandı, Mən dərdimi kimə deyim?! Bəlli mənim ərzi-halım, Tanrı, sənə qurban olum, Günlərimi yola salım, Mən dərdimi kimə deyim?! Danışıb dinə bilmirəm, Yanıram, sönə bilmirəm, Heydərəm, dönə bilmirəm, Mən dərdimi kimə deyim?! * * * Kirvə məni qonaq eylə Salam Əleyküm, Məşədi, Məşədi bir ağa kişidi. Kişi, əl- ayağım üşüdü, Kirvə, məni qonaq eylə. Gəlirdim Güllübulaqdan, Boran da qaxdı qabaqdan. Utan bizim kirvalıqdan, Kirvə, məni qonaq eylə. Bozqaladan qaxdı duman, Şalvar altda yoxdu tuman. Məşədidən qaçır iman, Kirvə, məni qonaq eylə. Görüm səni burda tək qal, Qonaq eylə məndən haqq al. Boynu yoğun, özü çaqqal, Kirvə, məni qonaq eylə. Boran imkan vermir əsir, Maşqı da amanımı kəsir. Aşıq Heydər tir- tir əsir, Kirvə, məni qonaq eylə. * * * Qurban olum Güllər dərən gözəl sənin, Əllərinə qurban olum, Zərif, ipək, həm də çıçək, Tellərinə qurban olum. Şörəyelin maralısan, Dağların quzey qarısan, Lalədən çələng qoymusan Güllərinə qurban olum. Yanağın tər, dilin baldı, Kəmalın əqlimi aldı. Qul Heydəri xəstə saldı, Ellərinə qurban olum. * * * Olsa da Ülgücə ülgüc deyərlər Kəsəri lap çox olsa da. Mərdin dərdi böyük olar, Gözü-könlü tox olsa da. Mən nərəm deyən bərbər də, Əsib-goşur xəlbət yerdə. Arada saxlamaz pərdə, Edər pisdik yox olsa da. Heydər deyər, gədə pisdi, Əlimdəki cam da misdi. Bilməz soyuq, bilməz isti, Sözü acı ox olsa da. * * * Vədəsidi Xal düşübdü yamac-yala, Qar gedir, yaz vədəsidi. Sevənlərə xəbər olar, Gözəl avaz vədəsidi. Nə gözəldi dağın döşü, Danaqıran, mollabaşı, Deyir, yola saldıq qışı, Qızların naz vədəsidi. Heydər, əsir dağın yeli, İş-gücə tərpədir eli, Çayın, gülün, suyun, selin, Ördəklə qaz vədəsidi. * * * Yaralama Durma, macdan yaxşı yapış, Xərək qoyub qaralama. Ək ürəklə, həvəsiynən, Gəl torpağı yaralama. Haqosa bax, diqqət elə, İşlə, çalış, gülə-gülə, Bu obadan sən naz ilə, Gəl özünü aralama. Niyə oldu halın xarab? Peşən olsun özünə bab. Heydər deyər başqa iş tap, Yeri-yurdu qaralama. * * * Yaz havası Mələşir qoyun-quzular, Gələn yazın havasından. Bilinir ki, “Dübeyti”dir, Telli sazın avazından. Dayçalar oynar, qapışar, İnsan torpaqla tapışar, Cütün məcindən yapışar, Cütçü çıxıb yuvasından. Dəlilənən sellər-sular, Bulanıq axar, durular, Heydər ellərdən sorular. Ağbabadan, obasından. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-heyder-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.