Qoşmalar Aşıq Heydər (1867–1949) A molla Nə vardan qorxum yox, nə də ki, puldan, Mərdlik adətimdi, bilnən, a molla. Xeyir işdən ötrü tökmə qaş-qabaq, Bizimlə bir yola gəlnən, a molla! Nəyi bəyənmirsən, açıq söylə gəl? Bu, Allah işidir, yoxdu bir əngəl, Kişisən, kişi ol, mənə qurma təl, Bir dodağın qaçsın, gülnən, a molla! Niyə qaradasan, əzizin ölüb? Sənin qaş-qabağın bizəmi qalıb? Aşıq Heydər sənin mətləbin bilib, Ya qızı ver, ya da ölnən, a molla! * * * Ağbaba dağı Bilinmir tarixi, bilinmir yaşı, Ləlü cəvahirdi torpağı, daşı, Duman - çiskin basıb, görünmür başı, Burda mərəz tapmaz insanın sağı, Dünyaya səs salıb Ağbaba dağı. Yamac – yalı, gül - çiçəkdən seçilmir, Qonaqları bulaqlardan çəkilmir, Motalından, qaymağından keçilmir, Ədalət meydanı, abdal ocağı, Dünyaya səs salıb Ağbaba dağı. Bu yan Taya Qaya, o yan Qaraxaç, Gülə bələnibdi bütün yal - yamac. Şən nəğmə oxuyur qırqovul, turac Ceyranlar oylağı, maral yatağı, Dünyaya səs salıb Ağbaba dağı. Payiz vaxtı tökür qarı, boranı, Bağlayır yolları, kəsir aranı. Sindırır damlarda atma karanı, İncidir tənbəli, sevmir qorxağı, Dünyaya səs salıb Ağbaba dağı. Tarixlərdən gəlir səsi - sorağı, İgidlər məskəni, ərlər yaylağı, Adı dil əzbəri, cənnət qırağı, Heydər der: Var olsun, vətən torpağı, Dünyaya səs salıb Ağbaba dağı. * * * Ağlasın Sallana-sallana gələn gözəlin, Dördü qahqah çəksin, biri ağlasın. Bir azca toxdasın, gəlsin özünə, Verməsin özgəyə siri, ağlasın. Çıxarsın qaranı, geyməsin qara, Qara olan salıb onu azara. Al-yaşıl geyinib çıxsın bazara, Dərdi olan gəlsin bəri, ağlasın. Aşıq Heydər deyər, hər vaxt gördüyün, Kor olsun düz işə salan kor düyün. Allah qismət etsin barı toy-düyün, Adını deyirəm Pəri ağlasın. * * * Ağlayır Dağıldı ellərim, qaldım səhrada, Bir kimsənəm yoxdu, anam ağlayır. Titrəyir əllərim, görmür gözlərim, Dəyişir döranım, zaman ağlayır. Ayrı düşdüm öz yurdumnan, elimnən, Qəm şələsi əl çəkməyir belimnən, Danışanda nalə qopur dilimnən, Könlümün səsinə kaman ağlayır. Hələ qurumayıb gözümün yaşı, Tutur tənələrə hər yetən naşı, Ələnir üstümə dünyanın daşı, Dağların başında duman ağlayır. Heydər, bu yerlərdə yerin bilindi, Mərənd qucaq açdı, qəlbin isindi. Fələyin cəbrinə dayan, döz indi! İndi biz yox, bütün cahan ağlayır! * * * Axtarın məni Siz məni özümdən xəbər almayın, Gördüyün ellərdə axtarın məni. Məqribdən məşriqə gedən yollarda, Çaylarda, sellərdə axtarın məni. Qadasın aldığım, bəri gəl, bəri, Silinsin könlümün qalmasın səri. Açılanda qızıl gülün lənbəri, Süsən - sünbüllərdə axtarın məni. Qıpqırmızı olub könlümün sacı, Üstünə yazılıbdı dərdin əlacı. Aç yaxam düyməsin başımın tacı, Bu əsən yellərdə axtarın məni. Pöhrə verib qızıl gülün toxumu, Gecələr tapmışam sirin yuxumu. Şeyda bülbüllərdən alın qoxumu, O tuti dillərdə axtarın məni. Hərdən bu dağlarda, hərdən aranda, Hərdən sis dumanda, hərdən boranda, Kimsə yada salıb məni soranda, Laləli çöllərdə axtarın məni. Eşqin ışığında yazdım yaratdım, Könlümdə bir gözəl daim yaşatdım. Axırda sevdamın gölündə batdım. Gedin o göllərdə axtarın mənı. Mən Aşıq Heydərəm, gəlmişəm cuşa, Məndən salam olsun dosta – tanışa. Adım yazılanda bir cansız daşa, Mənalı illərdə axtarın məni. * * * Ay hayıf, hayıf Mehrü məhəbbətin oduna yandım, Yar məni unutdu, ay hayıf, hayıf! Məcnun olub səhraları dolandım, Qara baxtım yatdı, ay hayıf, hayıf! Ay ellər, Kərəmdən mən betər oldum, Bu fani dünyada dərbədər oldum. Qınımda saraldım, gül təki soldum, Arzularım batdı, ay hayıf, hayıf! Uşaqkən basdılar əlim “Qurana”, Bircə ümid qaldı göydə durana. Düşdüm dost yolunda qara - borana, Dost da məni atdı, ay hayıf, hayıf! Qaxtağanlar tapdı fası, firəngi, Namərdlər verdilər əlinə tüfəngi. Torpaq qana batdı, dəyişdi rəngi, Gör məni kim satdı, ay hayıf, hayıf! Heydər yana - yana köçür dünyadan, Ağlama, sözümü çıxarma yaddan. Unutma düşməndir qaxtağan nadan, Ömrüm başa çatdı, ay hayıf, hayıf! * * * Bacım Bu zalım dünyada simsar tapmadım, Hər yerdə dayağım oldun, ay bacım! Sərkərdən, sərkərdən gəzib dolandım, Mən dedikcə dərdlərimi say, bacım! Bir maral baxışlı, bir bal dodaqlım, Bir büllur buxaqlı, ayna qabaqlım, Bir piyalə gözlüm, bir zər yanaqlım, Bu yerdə tapılmaz sənə tay, bacım! Allahım yaradıb sanki bir mələk, Yaxamı tanıdı inadkar fələk. Əl atdı kəməndə göstərdı kələk, Nakam getdin bu dünyadan vay, bacım! Zalım fələk aldı bacım Sənəmi, Pozdu növrağımı, yıxdı binəmi. Hicran tapdağıyam, açma sinəmi, Yetişmiş yarama məlhəm yay, bacım! Hər yerdə qədrimi bılən sən oldun, Axan göz yaşımı silən sən oldun, Heydərlə fəxr edıb gülən sən oldun, Daha qalmayıbdır məndə hay, bacım! * * * Bax Dayan ağam, dayan bəyim, dayan, dur! Ayaq saxla! Burda yatanlara bax! Bu meydana diqqət eylə, bəri gəl! Dağların damənin tutanlara bax! Qanla yazılbdır hər bir baş daşı! Bunların olubdu on - on beş yaşı! Bunlardı vətənin bir üzük qaşı! Qəhrəman qızlara, oğlanlara bax! Yağı gəlib Qaraxaçda dayandı! Zağlı toplar yuvasından oyandı! Əlvan qanım daşlar üstə boyandı! Düşmənin bağrına batanlara bax! Arpaçay yanında savaş quruldu! AlMərdan düzündə əsgər qırıldı! Axan qanlar sular üstə duruldu! Özlərin sellərə atanlara bax! Qara gəldi yetmiş yeddinin yazı! Urus paşa oldu, qaxtağan qazı! Heydərın əlində ağlayır sazı! Üz tutub cənnətə çatanlara bax! * * * Bax-bax Bir küncə qısnayıb sıxırlar məni, Nə betər gəlibdi zamana, bax - bax! Ümidsiz, köməksiz ortadayam mən, Dağları bürüyən dumana bax - bax! Gəzdim, dolandım mən bu boş dünyanı, Nə çoxdu boş lafı, vədi, hədyanı. Müxənnət artıbdı - bilinmir sanı, Göylərə yüksələn amana bax - bax! Bizimki gətirmir - belə görmüşəm, Mal - mülkü vermişəm yelə, görmüşəm. Göz yaşım dönübdü selə, görmüşəm, Məndəki xəyala, gumana bax - bax! Hanı mərd kişilər, meydan boş qalıb?! Səxavət yox olub, mürvət azalıb. Bucaqlar boşalıb, ocaq sozalıb, Kef çəkən namərdə, yamana bax - bax! Dərd - bəla azalmır nə qədər desəm, Fələk durma deyir elə qəm yesəm. Heydər, mən də axı soylu bir kəsəm, Gəlmişəm həm dinə, imana bax - bax! * * * Bax-bax Hanı Ağbabanın uca dağları, Bir başımdan qalxan dumana bax – bax! Vətəndi kiridən mən tək ağları, Sən mənim qəlbimdə gümana bax - bax! Vətən həsrətindən yanıb gül oldum, Özüm öz dərdimə qara qul oldum. Mərənd qucaq açdı, buna gül oldum, Ürəyimdə qopan amana, bax - bax! Dar gündə dadıma yetdi yetənlər, Amma ki, beynimdən çıxmır ötənlər. Ölən öldü getdi, qaldı itənlər, Bizləri yandıran zamana bax - bax! Ürəyim yaralı, sinəmdə od var, Yurdun qucağında bir ayrı dad var. İllər ayrısıyıq, qohum var, yad var, O qaçaqaç salan yamana bax - bax! Ağbaba deyəndə qəm gəlir gözə, Vətən həsrətindən gəlmişəm dizə. Yenə Yetim Heydər güc verir sözə, Bəlkə gələ bir az imana bax - bax! * * * Bu gələn gözəl Qarsın yaylasında bir pəri gördüm, Dilli dilavərdi, bu gələn gözəl. Əhli - dil olmasın əvvəldən bildim, Ərşdəki qəmərdi, bu gələn gözəl. Bəşər tarixinə nəzər yetirdim, Gözəl Züleyxanı dilə gətirdim. Üz - üzə gələndə özüm itirdim, Parlayan əsmərdi, bu gələn gözəl. Şəffafdı mayası, qaynardı təbi, Bir ay parçasıdı, yanağı - ləbi. Heydərə can verdi təbibin həbi, Bir ləlü gövhərdi, bu gələn gözəl. * * * Bu sevdaya düşən günü ölmüşəm Sevib sevdasına yandığım gözəl, Bu sevdaya düşən günü ölmüşəm. Həkim cərrah bilməz dərdimə çarə, Bu sevdaya düşən günü ölmüşəm. Istədim ki, bağban olam, bir gülə, Eşq atəşı vurdu, döndüm bülbülə. Sevda vücuduma saldı vəlvələ, Bu sevdaya düşən günü ölmüşəm. Hicran yeksanıyam , qəm tarümarı, Yıxıb vicudumu kül etmə barı. Dizimin taqəti, gözümün nuru, Bu sevdaya düşən günü ölmüşəm. Varmı mənim kimi qəmlə talanan, Sərkərdan - sərkərdan gəzib dolanan. Bu eşqə neyləsin təbibü loğman, Bu sevdaya düşən günü ölmüşəm. Etibardan düşən, etibarlı yar, Dolandım qürbəti diyarbadiyar. Pərişan könlümün müşkül halı var, Bu sevdaya düşən günü ölmüşəm. Adına nəğmələr qoşduğum dilbər, Könül sarayımı alıb qəm - kədər. Üzmə qul Heydərı, üzmə bu qədər. Bu sevdaya düşən günü ölmüşəm. * * * Dağların Duman - çiskin basıb, görünməz olub, Görünmür yaxası, başı dağların. Mətahdı, qızıldı, gövhərdi, ləldi, Torpağı, qayası, daşı dağların. Gözündən tökülür qan ilə yaşı, Özü də başlayıb dərdlə savaşı. Yenə yada düşür pendir - lavaşı, Dadlı çəkməcəsi, aşı dağların. Nə vaxtdı irağam, sinəm dağlıdı, Oraya uzanan yollar bağlıdı. Aşıq Heydər naləlidi - ahlıdı, Bu il betər gəlib qışı dağların. * * * Dağların Çəkilmir başından duman - çiskini, Nə betər dəyişib halı dağların. Qar gəlib yolları - izləri tutub, Ağarıb yamacı - yalı dağların. Sökülüb binəsi, köç edib ellər, Başlayıb əsməyə boranlar, yellər. Çağlamır bulaqlar, kükrəmir sellər, Çəkilib heyvanı, malı dağların. Heydər qan ağlayır, yurddan gen düşüb, Qəzanın qədəri - “Xoya” yön düşüb. Dərdə ac - yalavac, ləlöyün düşüb, De hanı motalı, balı dağların!? * * * Dolanır Gətirməz dünyada kəsıbın işi, Nə olsun hər yanda uzaq dolanar. Qurumaz hər zaman gözünün yaşı, Yediyi qarınla pazax dolanar. Fələyin qanunu yazılıb belə, Çirkin-pis tuş olar türfə gözələ. Fağırın könlünü kim alar ələ? Demək-gülmək ona yasaq, dolanar. Dünya görən bilir ovandı-tərsi, Kənd-kənd dolaşmışam Çıldırı-Qarsı. Pirim pünhan yerdə veribdi dərsi, Demə Aşıq Heydər qoçaq dolanar. * * * Düşdü Qurudu kökümüz, bu Şura gəldi, Türk - türkdən ayrıldı, yaralı düşdü. Yenə baş qaldırdı bic, vələdüzna, Ağbaba Çıldırdan aralı düşdü. El eldən ayrıldı, könül - könüldən, Doğmalıq, yaxınlıq tez çıxdı əldən. Sovet çox sevindi bu bəd əməldən, Erməni də pullu - paralı düşdü. Heydər lalmı olsun deməsin düzü?! Ağlı - huşu kəsir, həm görür gözü. Kafir erməninin qalmasın izi, Urusun qanunu - qaralı düşdü. * * * Eylər Düşmüşük yollara, qismət Allahdan, Bəxtimizi qara, ya da ağ eylər. Məsləhət onundu, biz nə çarəyik, Dərdi sinəmizdə min bir dağ eylər. Yurtdan ayrı düşmək borandı, qardı, Zülümdü, bəladı, çətindi, dardı. Didərgin ha desin mənim də vardı, Yad gülər, söylənər, ya da lağ eylər. Əlbət bol olacaq qəmi yurdsuzun, Bulunmaz sevinci, dəmi yurdsuzun. Aşıq Heydər kimi cəmi yurdsuzun, Tanrı üstündədi, canın sağ eylər! * * * Gəl Yekə - yekə çox danışma, ay gədə, Götür sazı, gir meydana, cəngə gəl. Kəl əvəzi səni də, qoşum kotana, El içində xar eyləyim, təngə gəl. Söz- söhbətin çatıb bizim qazıya, Utan barı, bax yazdığın yazıya. Səni gördüm əhsən dedim tazıya, Buynuzunu sürtmə kələ, cöngə, gəl. Qodom oğlu, çox bilirsən, az danış, Danışanda səndən qaçır dost- tanış. Bu millətə nəsib olub aldanış, Yürü, bala, asta yeri, küncə gəl. Aşıq Heydər deyər sözün bu başdan, Döşə tər kababdan, təzə lavaşdan. Canını almamış, sürüş yavaşdan, Geyin, keçin başında bir dingə gəl. * * * Gəl eşit məni Darıxma, darılma, dərdə qayım ol. Əlbət, tanrı verər sənə da bir yol. Ucadan ucadı, çox adildi o, Hər vaxt pənahında saxlayar səni, Gəl eşit məni. Sən ki, söz deyəsən, simsar tapılar, Açılar üzünə bağlı qapılar. Dərddən sınıq könlün sözlə yapılar, Qovarsan başından dumanı-çəni, Gəl dərddən geni. Aşıq Heydər gördü sənin dərdini, Həlbət bular el-obanın mərdini. Qəm eləmə, mən bilirəm qədrini. Gəl unut burada olub-keçəni, Haqqa sal yönü. * * * Getdi şan-şöhrətim, daha nə deyim Nəyinə güvənim mən bu dünyanın, Getdi san - söhrətim, daha nə deyim!? Sındı qol - qanadım, qaldı göz dağım, Getdi şan şöhrətim, daha nə deyim!? Şanlı torpaqlardan üzdüm əlimi, Dərdü - kədər yağır etdi dilimi . Hicran qəmi viran qoydu könlümü, Getdi şan - şöhrətim, daha nə deyim!? Dağıldı Axısqa, yandı Əsmincə, Kor olaydım bu dövranı görüncə. Bu müsibət yaddan çıxmaz ölüncə, Getdi şan - şöhrətim, daha nə deyim!? De, bu nə fərmandı, bu nə əmirdi, Ya Rəbbim! canımız daşdı, dəmirdi. Gəlmələr yurdumu yıxdı, yemirdi, Getdi şan - şöhrətim, daha nə deyim!? Tutur tənələrə gədələr məni, Sibirə sürgünnən hədələr məni, Nə olsun tanıyır dədələr məni, Getdi şan - şöhrətim, daha nə deyim!? Bu yollar uzanır Qazaxıstana, Az qalır cismim də od tutub yana. Xar ol belə dövran, yan ay zamana, Getdi şan - şöhrətim, daha nə deyim!? Köç karvanı Ağbabadan yan gedir, Yaralarım göz- göz olub, qan gedir. Aşıq Heydər, sənnən şöhrət - şan gedir, Getdi şan - şöhrətim, daha nə deyim!? * * * Görən bu tutuşla hara gedirik Şura gəldi, bəylər çıxdı aradan, Görən bu tutuşla hara gedirik? Urus paşa oldu, qaxtağan qazı, Görən bu tutuşla hara gedirik? Əsdi yollarıma boranlar, yellər, Bizə düşmən oldu danışan dillər. Bizdən nə anlasın gələn nəsillər, Görən bu tutuşla hara gedirik? Mən nə deyim, kor taleyə, kor baxta, Gədalar ağa olub çıxıblar taxta. Yurtda qan qusuruq biz laxta - laxta, Görən bu tutuşla hara gedirik? Yatağımda zarıncıyam, zar mənəm, Qəfəsdəyəm, el içində ar mənəm. Ay həzarat, bu dünyada xar mənəm, Görən bu tutuşla hara gedirik? Yalan dünya, yalançılar dünyası! Odlanasan, talançılar dünyası! Heydər der: gəlib qoçular dünyası, Görən bu tutuşla hara gedirik? * * * Görən harda belə gözəl məkan var Ağbaba deyilən qalxıb göylərə, Görən harda belə gözəl məkan var? Tanrı naxış çəkib bizim yerlərə, Görən harda belə gözəl məkan var? Öksüzdən qalxanda bir qatı duman, Göllü su əlindən çəkir əl - aman. Düzkəndin dörd yanı yamyaşıl orman, Görən harda belə gözəl məkan var? Muğelli deyilən bir dərə dağdır, İbişin yediyi sarıca yağdır. Bu cənnət məkanın dörd yanı bağdır, Görən harda belə gözəl məkan var? Bu yan Söyütlüdü, o yan Baxçalı, Güllərdən seçilmir dağların yalı. Xəstəyə dərmandı Bozqala balı, Görən harda belə gözəl məkan var? Balıqlı xoş nişan, Xənçəlli nizə, Dağda süsən-sünbül çıxıbdı dızə. Burda Aşıq Heydər güc verir sözə, Görən harda belə gözəl məkan var? * * * Göstərim Ay aşıq, cənbərək meydanına gəl, Mərifət elmində sirri göstərim. Noxtalıyım, palan salım belinə, Sənə bəyəndiyin yeri göstərim. Saqqalın bulaşıb quymağa - yağa, Xub yaraşır sənin kimi ulağa. Əgər yolun düşsə Güllübulağa, Maral yatağında nəri göstərim. Tapdadın arada olan hörməti, Aşiq Heydər verdi sənə qiyməti. Bağlayım başına güllü heyratı, Öksüzü gəzdirim, piri göstərim. * * * İndi Bizim ellər pərən düşdü, dağıldı, Görəsən necədi oralar indi? Yer-yudruma itin xılı yığıldı, Neyləyim, xülüsüm daralar indi. Hər şey əldən çıxıb, qalıb quru can, Qəlbdə vətən dərdi, üzdə həyəcan. Nə vaxt başa çatar görən bu hicran? Peşımlə dolanır qaralar indi. Aşıq Heydər, danış, görürsən işi, Əzəllər sən idin bir adlı kişi. Hünərdi girləsən qürbətdə başı, Daha qaysaq tutmaz yaralar indi! * * * Kəsdi Uzaq vilayətə qonaq gedirdim, Mehrü məhəbbətim yanımı kəsdi. Yarı yolda dolu döydü təpəmə, Payızın yağmuru amanımı kəsdi. Yeridim, yürüdüm, yıxıldım lilə, Yırtıldı çarığım, gəlmədi ələ. Yeddi yerdən başım keçdi çəngələ, Çayırın cil otu dabanımı kəsdi. Gördüm şalvarımın cibləri yoxdu, Dedilər, bu yerdə kəsəyən çoxdu. Dedim: arvad, axı pullar da yoxdu, Çüllüt Qasım da gümanımı kəsdi. Şərab gəldi, süfrələrə düzüldü, Dörd yanımda qədəhlərə süzüldü. Bu məclisdə əlim haqdan üzüldü, Çəlləyin qoxusu imanımı kəsdi. Sözün yeri gəldi, qoy deyim barı, Di, öl, Aşıq Heydər, ye zəhrimarı. Yığışdı sürfəyə mozalan, arı. Aranın milçəyi amanımı kəsdi. * * * Mən bilmirəm kimə deyim dərdimi Mən yazığın qəm doludu sinəsi, Mən bilmirəm, kimə deyim dərdimi? Hicran yeksanıyam, qəm tarümarı, Mən bilmirəm, kimə deyim dərdimi? Şura gəlib xoş günümüz vay olub , Ağlamaqdan göz yaşlarım çay olub, İlim bir qərinə, günüm ay olub. Mən bilmirəm, kimə deyim dərdimi? Fələk daşım atdı çox uzaqlara, Çıxıb Ağbabadan gör düşdük hara!? Arif yoxdu, dərdim çəkəm bazara, Mən bilmirəm, kimə deyim dərdimi? Danışmağa sözüm qalmıyıb mənim, Ağlamağa gözüm qalmıyıb mənim , Kül olmuşam, közüm qalmayıb mənim, Mən bilmirəm, kimə deyim dərdimi? Şan – şan oluf sizlar sinəmdə dağlar, Nə cərrah sariyar, nə təbib bağlar. Bu dərdləri yağı görüb qan ağlar! Mən bilmirəm, kimə deyim dərdimi? Ələnib saçıma dünyanın qarı, Qəm üstə köklənib, könlümün tarı. Tutub tellərimdən qəm cəlladları. Mən bilmirəm, kimə deyim dərdimi? Qul Heydərəm, müxənnətə yağıyam, Hicran şəhərində, ev tustağıyam. Bu qoca vaxtında qəm tapdağıyam, Mən bilmirəm, kimə deyim dərdimi? * * * Mənim Ağbaba deməsəm dilim lal olar, Çıxarmı yadımdan Ağbabam mənım? Necə ağlamayım, necə yanmayım, Dağılan, talanan el - obam mənim. Bir tanrı kiridər mən tək ağları Nə vaxtdı gözlərim görmür dağları. Öləni çox oldu, hanı sağları, Uzaqlarda qalan yurd - yuvam mənim. Heydər, ələ gəlməz o gedən çağlar, Qız - gəlin yasdadı, qaralar bağlar. Göyləri titrədir nalələr - ahlar, Dərdü qəmim mənin, bədduam mənim. * * * Meydanıma Çoxdan ürəyində tutmuşdun məni, İndi ki gəlmişəm, çıx meydanıma. Aslansan, pələngsən, filsən, kərkədan, Betər alov kimi ax meydanıma! Qəlbini yandırır kinin, küdrətin, Caduda, pitikdə çoxdu qüdrətin, Sən bilən deyilsən qədir-qiymətin, Gurla ildırım tək, çax meydanıma! Mən Aşıq Heydərəm, sığınnam haqqa, Şeytansan, olsa da başında cıqqa, Qapına gəlmişəm, çıxarma hoqqa, Yaxşı nəzər yetir, bax meydanıma! * * * Millət qurban desə, siz məni kəsin Aldım məktubunu, bil Mahmud ağa, Layiq deyil səni tutam qınağa. Canım olsun millətimə sadağa, Millət qurban desə, siz məni kəsin. Doğru sözü yalan mənəm, ay ellər, Quru yerdə qalan mənəm, ay ellər, El – obası talan mənəm, ay ellər, Millət qurban desə, siz məni kəsin. Mən hicran qəhrində, qəm taptağıyam, Mehri-məhəbbətdən ev tustağıyam. Cəmi Ağbabanın qurbanlığıyam, Millət qurban desə, siz məni kəsin. Yurdu taptaladı düşmən atları, Tutdu tellərimdən qəm cəlladları, “Ağbaba Alayının” mərd ovladları, Millət qurban desə, siz məni kəsin. Gecə hicran şahı yəhərlər məni, Tutar tənələrə səhərlər məni. Boğur qəmlər məni, qəhərlər məni, Millət qurban desə, siz məni kəsin. Zalım yağı, nə durmusan qəsdimə!? Qəm ləşkəri hücum çəkib üstümə. Cümlə - cahan batıb mənim tüstümə, Millət qurban desə, siz məni kəsin. Hicran yeksanıyam, qəm tarümarı, Sönübdü ömrümün çıl-çıraqları. Incitmə Heydəri, incitmə barı, Millət qurban desə, siz məni kəsin. * * * Nədi Boy-buxun, sir-sifət, cavanlıq səndə, Bulud tək tutulub dolmağın nədi? Dərd-sərini söylə, bir biz də bilək, Heyva tək saralıb solmağın nədi? Qaradan qaradı o baxt dediyin, Əlbət ki, varlıdı xoşbəxt dediyin. Yerini alarmı hər vaxt dediyin, Dərdi sinən üstə almağın nədi? Aşıq Heydər deyər, bir az tab elə, Aç sinədəftərin, bir kitab elə. Səxalı bəylərə bir xitab elə, Baxtın qarasında olmağın nədi? * * * Oldu Sevinc dedim, qəm ələndi payıma, Könül evim alovlandı, kül oldu. Fələk qəm zəncirin saldı boynuma, Mənim itirdiyim, ağır el oldu. Səksən ildə köz közlədim, köz aldım, Zaman, zaman dərdü - səri tez aldım, Hər naşıdan tənə, tənə söz aldım, Tülkü meydan açdı, çaqqal fil oldu. On beş yaşda baş ağardı, diş düşdü, Yirmisində gözlərimə yaş düşdü. Yollarıma dolu yağdı, daş düşdü, Qarğa bülbül oldu, qanqal gül oldu. Şura gəldi qıfıl vurdu dilimə, Zalımın qılıncı dəydi belimə. Otuzunda qəm iz açdı könlümə, Dərdü - kədər sinəmdə tel - tel oldu. Göz önündən o göz dağı getmədi, Məzarımda dərd göyərdi, bitmədi, Xəzan oldu, baxçam bara yetmədi, Axan göz yaşlarım, döndü sel oldu. Gedən yox, gələn yox, günümüz qara, Yüz ildi sinəmnən çəkilmir yara. Ömrü hədər yazdı fələk Heydara, Getdi şan - şöhrətim, günüm il oldu. * * * Ona dedim: La İlahə İlləllah O dünyada stirükafir əkildi, Misqal- misqal badyalara töküldü, Qoxusundan suvalçılar çəkildi, Onda dedim: La İlahə İlləllah! Yeridim yetişdim bir güllü bağa, Gülün dərdim, düşdüm bir ağ otağa, Ənkir- Münkür dayanmışdı çomağa, Onda dedim: La İlahə İlləllah! Oxudum, öyrəndim, heç nə bilmədim, Ağladım, sıtqadım, gah da inlədim, Könlümün səsini özüm dinlədim, Onda dedim: La İlahə İlləllah! Biçarə Heydərin qalmadı tabı, Bir suala verdim min bir cavabı, Həkk oldu sinəmdə eşqin kitabı, Onda dedim: La İlahə İlləllah! * * * Oxudum, öyrəndim heç nə bilmədim Qarış, - qarış el obanı dolandım, Oxudum, öyrəndim, heç nə bilmədim. Qərib kimi düşdüm dildən - dillərə, Gədalarda insaf – mürvət görmədim. Duman - çiskin basıb o Güney dağı, Qan ağlayır Ağbabanın torpağı. Daha dalğalanmır Türkün bayrağı, Tutuldu gözlərim, deyib gülmədim. Xan yurdunda tülkü - çaqqal ulayır, Xoruz kürkə yatır, toyuq banlayır. Mən yazığı gədə - güdə danlayır, Görən niyə mən irəldən ölmədim? Gədalar ağa olub çıxdılar taxda, Ulağın başına saldılar noxta. Bu dövranda hər şey olsa da saxta, Dar ayaqda, dediyimdən dönmədim. Heydər der: ağamdan dağ gücü aldım, Millətin qəlbində daim ucaldım. Vədə çatdı, vaxt yetişdi, qocaldim, Oxudum, öyrəndim, heç nə bilmədim. * * * Oy oda məni Mən qürbətin qucağında yatıram, Bir kimsənəm yoxdu, oyada məni. Yavaş – yavaş qəm gölündə batıram, Harda yaxaladı oy, qada məni!? Tor görür gözlərim, gəzə bilmirəm, Dərdimi vətənə, yaza bilmirəm, Arvadın cəbrinə dözə bilmirəm, Didir, parçalayır, oy, o da məni. Qul Heydərəm, bir il qürbətdə qalan, Yurdu talan olan, eli dağılan. Şamu - səhər bu Mərənddə ağlayan, Zalım fələk salıb, oy, oda məni. * * * Oynatmasın Ərəsət günüdür, qoç igidlərim, Düşmənlər əlində daş oynatmasın. Mərdin qabağına çıxmasın namərd, Müxənnət sevinib qaş oynatmasın. Qara zurna çalır döyüş cəngini, İgidlər oynayır millət səngini, Əzin, igidlərim, düşmən əngini, Başsız qalan kafir baş oynatmasın. Ey Allah, sən yetiş mərdin dadına, Qoy xətər gəlməsin Heydər adına. Onun xatirinə, onun adına, Gələnlər gözündə yaş oynatmasın. * * * Qaldım Ürəyim nəzilib, qəlbim əzilib, Atadan - anadan aralı qaldım. Elə nalə çəkdim, göylər ağladı, O ərşü - əlaya bir səda saldım. İlahi, pənahım bir sənsən, neynim, Yetiməm, qəribəm, açılmaz eynim. Gözlərim ağlardı, düyünlü çiynim, Tale belə gətdi, qəmdən pay aldım. Heydər, havalanma, qismət bu imiş! Sənin qara dərdin cana yetirmiş! Bəxtin hara getdi, ora qurumuş, Neçə yol kövrəlib xəyala daldım! * * * Qalmadı Türk deyənin dilçəyini kəsdilər, Haq deyəni tapdalayıb əzdilər, Millətimi dərd yoluna düzdülər, Bu ellərin bir büsatı qalmadı. Bu dünyanın malı başa baladı, Zalım fələk gözümüzü bağladı. Qaxtağanlar fil yurdunu taladı, Xan yurdunun varidatı qalmadı. Zalım oğlu, meyl etmisən şəraba, Söyüdlü, Mustuqlu1 qalıb xaraba. Hanı toy büsatlı o iyirmı oba, Kitabdan silindi, adı qalmadı. Vicudü cismimi alıbdi vərəm, Təpədən dırnağa kədərəm, qəməm. Öldü qoç Koroğlu,öldü xan Kərəm, Igidlərin bir qiymatı qalmadı. Aşıq Heydər lal oldu, üzü gülmədi, Zər qədrini bizim Şura bilmədi, Yollar bağlı qaldı, gedən gəlmədi, Ağbabanın bir baratı qalmadı. * * * Sənəm gəl Ey nazənin, ərin salam söylədi, Hayıfsan bisahib qalma, Sənəm, gəl. Inan sənsən bu ellərin gözəli, Məcnunu çöllərə salma, Sənəm, gəl. Bu bir gözəl tərlan kimin yarıdı, Ağ məmələr Ərzincanın narıdı. Sinən şəfa verən dağlar qarıdı, Yazığın canını alma, Sənəm, gəl. Cimcimədi o Düzkəndin torpağı, Orda mərəz tapmaz insanın sağı. Sənəm sənsən qızıl gülün yarpağı, Bulud tək tutulub dolma, Sənəm, gəl. Getdiyim bu yollar haqqın yoludu, Bil ki, Aşıq Heydər Kəntər quludu. Görürəm, cavansan canın suludu, Tağında saralıb solma, Sənəm, gəl. * * * Söylə hardasan Əcayib sevdaya düşdüm, allahım, Ölürəm, ilqarım söylə, hardasan? Bilmirəm dilbərim nədi günahım, Təbibim, loğmanım, söylə, hardasan? Bir bağban olmuşam, bağ bar gətirmir, Əkdiyim gülləri torpaq bitirmir, Mən çəkən yükü heç fil də götürmür, Ey nazlı ceyranım söylə, hardasan? Sevdasız günlərim yadıma düşür, Cismim də, ruhum da, titrəyir üşür, Hər dəfə ömrümdən bir yarpaq düşür, Xınalı maralım, söylə, hardasan? Axtardım sevdamı günüm il oldu, Hara qədəm qoydum ora, gül oldu, Heydər eşq odunda yandı kül oldu, Mehriban soltanım, söylə, hardasan? * * * Tək qalıb Necə dözüm, necə durub-dincəlim, Mən ah çəkim, gərək dərddən incəlim, Axı necə cana gəlim, dirçəlim, Qoca Aslan yuvasında tək qalıb. Hər tərəfdən düşmən gəlir üstümə, Ermənilər durubdular qəsdimə, Bilirsiniz yağıların qəsdi nə, Bir mərd kişi obasında tək qalıb. Aşıq Heydər səhv elədi, qanmadı, Əmisinə canı-dildən yanmadı, Tatlar kimi inadından dönmədi, Ölüm-itim xanasında tək qalıb. * * * Üç yaşına çatıram Tale küsüb, qismət qaçıb, bəxt yatıb, Kövrəlmişəm, üç yaşına çatıram. Ağıl başda deyil, ruh da bədəndə, Xəstə düşüb qürbət eldə yatıram. Həm Əliyəm, həm Vəliyəm, həm dəli, Işlərim ah – vayla getmir irəli. Vətəndi könlümün şeyrü, qəzəli, Aç mədahın, nə istəsən satıram. Sol qolu sağ əllə tuta bilmirəm, Yumulmur kirpiyim, yata bilmirəm, Qəm mənə yoldaşdı, ata bilmirəm, Yavaş - yavaş qəm gölündə batıram. Əs, ey səba yeli, dolan dağları, Vətəndi kiridən mən tək ağları. Ömür bostanımın solur tağları, Qəza tutub, mən ağlımı atıram. * * * Var Şanlı vətənimin hər qarışında, Hər daş altda bir igidim, ərim var. Savaş meydanında, yetmiş yaşında, Rəcəb adlı bir yüzbaşı nərim var. Zirvədəyəm, qorxutmayır çən məni, Sala bilməz heç kim burdan gen məni. Oğul kimi bas bağrına sən məni, Özüm boyda bir sehirli sirrim var. Ucaltmışam hər bir yerdə səsimi, Tanıyırlar soykökümü, nəslimi. Qaxtağanlar dana bilməz əslimi, Türk oğluyam, burda mənim yerim var! Qul Heydərə aranlı de, dağlı de, Bu vətənə, bu mahala bağlı de. Hər vaxt mənə bu torpağın oğlu de, Çünki, burda “Təbriz” adlı pirim var. * * * Verdilər Atlaz yorğan, atlaz döşək yumuşaq, Boynuma almışam bir parça uşaq. Aşıq Heydər, gəl mərdana danışaq, Baba, məni bir nadana verdilər! Səhər olar durar gedər quzuya, Ağ lavaşı doğrar tökər tazıya. İgid deyil ağ baldırım qavzıya, Baba, məni bir nadana verdilər! Qoyun deyil, qoyunlara qatam mən, Öküz deyil, cələblərə çatam mən, Igid deyil sarılam mən, yatam mən, Baba, məni bir nadana verdilər! Necə baxım, indi bu ev - eşiyə, Sınıq – salxaq toz basmış boş beşiyə. Səhər – səhər durub qaçır meşiyə, Baba, məni bir nadana verdilər! Kol - kos yığıb yad ocağını yandırır, Çöldən gəlib, qab - qacağı sındırır. Nahaq yerə bu Sənəmi yandirir, Baba, məni bir nadana verdilər! * * * Xoflanma Sözün ziyanı yox, sazın ondan çox, Sənətkar görəndə xoflanma bir də. Sərraf adamsansa, düz gözümə bax, Sözümdə gövhər var, inci də, dürr də. Sənətkar sayılmaz yoldan ötən, bil, Haqqa biz də quluq, köləyik, sən bil, Korsan, ya görmürsən, sil, gözünü sil, Məni azca söylət, dindir bu yerdə. Sənə qənim olar haqqın sahibi, Şeytanlıq puluyla doldurma cibi, Bu Aşıq Heydərin budur tələbi, Boz üzün göstərmə mərd oğlu mərdə! * * * Yaşılbaş sonalar göllərə gəlir Göy buludlar arasından süzülüb, Qatar - qatar nizamlanıb düzülüb, Bir cərgəsi qatarından üzülüb, Yaşılbaş sonalar göllərə gəlir. Sellər - sular, aşır – daşır, sellənir, Buz bulaqlar məcrasında göllənir, Bülbül cıxıb yuvasından dillənir, Yaşılbaş sonalar göllərə gəlir. Ildırımlar guruldayıb çaxışır, Novruz gəlir, küsülülər barışır. Arpa göldə ördək qaza qarışır, Yaşılbaş sonalar göllərə gəlir. * * * Zamanənin ələyindən ələndim Zəmanənin ələyinnən ələndim, Can içində cana gəldim,doğuldum. Bir pərinin xəlbirinnən keçmədim, Bəli deyib bəlasına vuruldum. Ağam gəlib sığal verdi telimə, Nur dolu badəni verdi əlimə, Qarəsindən nalə endi dilimə, Bir kövsər gölündə batıb duruldum. Aşıq Heydər düşüb yorğan - döşəyə, Arvad qoymur çıxım evdən, eşiyə. Qurban olum bunu yazan kişiyə, Qara baxtım yatdı, özüm yoruldum. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-heyder-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.