Rəvayətlər Aşıq Heydər (1867–1949) Telli Qarı Bir gün Mahmud ağa qapıda durmuşdu. Əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Birdən xeyli uzaqlarda bir atlı görüb xeyli təəccübləndi: – Bu atlı kimdi belə? Hər kimdisə mənim yanıma gəlir. Qoy gəlsin. Bu keçdi içəri. Aşıq Heydər dedi: – Ay Mahmud ağa, sən sözlü adama oxşayırsan. – Baxdım, bir atlı gəlir. İndicə burya gəlib çıxar. Qoy hələ gəlib çatsın bir, ondan sonra kimdi, nəçidi, bunu da onun özündən öyrənərik. Elə bu vaxt qapıda at kişnədi. Az keçmədi ki, ucaboy, arıq bir arvad içəri girdi. Aşıq Heydər təəccüblə arvadın belindəki tapança və xəncərə baxdı. Arvad ədəblə Mahmud ağaya salam verib dedi: – Mahmud ağa, nəyə gəldiyimi bilirsənmi? – Mən hardan bilim, a Telli qarı? Sən deyərsən, biz də bilərik. – Bu Yastı Alı yaman qudurub ha! Sınıqda özünü padşah hesab edir. İndi nə eləyim ki, mən ondan kasıbam. And olsun Allaha… Üç dəfə qapısına elçiliyə getmişəm. Ağzına gələni mənə deyib. Elə şeylər istəyib ki, qalmışam mətəl. Ay bunun başı batsın, adını da kişi qoyub. Yurdunda bir qız var da… Mən onun qarayandı qızına elçi düşürəm gədənin xatirinə, o da özünü götürüb dağın başına qoyur. Daha demir Telli qarı da Yayçı qızıdı. Cinləndirərsən, qızı basar atın tərkinə. Hünərin var, gəl üstünə. Səni qoyar yana-yana. Bu belə deyəndə Aşıq Heydər maraqla Telli qarıya baxdı: – Səndən nə istəyir, onu deməzsənmi? Mahmud ağa da bu sözləri eşidəndə razılıqla başını tərpətdi: – Aşıq Heydər düz deyir. De görək Yastı Alı səndən nə istəyir? Mahmud ağa da belə deyəndə Telli qarı Mahmud ağanın beşaçılanını sinəsinə basıb bir o yana, bir bu yana gedib görək burda nə dedi. Biz deyək, siz də sağ olun: İyimri qoç istərəm, yanında şişək, On can yunlu qoyun-yunu bir döşək, Maya dəvə gətir, yanında köşək, On batman yağ, düyü, qəndlə çay gətir. On dəst paltar lazım təzə gəlinə, «Yoxumdu» sözünü alma dilinə, Qızıl kəmər gərək qızın belinə, Qohuma-qardaşa yaxşı pay gətir. Vəznəli çuxadan bir beşi bəsdi, On beş donluq gətir, durma, tələs di, Çoxmu şeylər dedim – dodağın əsdi, Xonçalar hazırla, bizi say gətir. Yaxşı yükünü tut tirmədən, şaldan, Beş cöngə də ayır heyvandan-maldan, Daha nə lazımdı deyərəm daldan, Tutursan özünü mənə tay – gətir! Qanını qaraltma, a Telli qarı, Mənə nə, taparsan haradan varı, Bu elə-obaya salma havarı, Yuz də qızıl beşlik bura say gətir. Söz tamama yetən kimi Aşıq Heydər dedi: – Telli qarı, sən lap şairsənmiş ki! – İndi onun yeri deyil. Gəlmişəm ki, Mahmud ağa bu işi yolun qoysun. Qoymasa, mən bilərəm, o Yastı Alı bilər. – Yaxşı, yaxşı. Mahmud ağa gülümsündü. Bu sərt təbiətli adam mərd adam görəndə yumşalırdı. İndi də belə olmuşdu. Çünki Telli qarının hərəkəti xoşuna gəlmişdi. Odur ki, Aşıq Heydərdən soruşdu. – Aşıq Heydər, sən bu işə nə deyirsən? – Ağa, Telli qarı bu qapıdan narazı getməməlidi! – Bu saat o yastı əclafı bura çağırtdıracağam. Ona kimi ortaya süfrə salındı. Yeyib-içdilər. Aradan bir az keç-məmiş içəri ortaboylu bir kişi girdi. Kişi qorxa-qorxa Mahmud ağaya salam verdi, içəridə Telli qarını görəndə boğazı qurudu. Mahmud ağa acıqlı-acıqlı dilləndi: – Yastı Alı, deyəsən ağlını itirmisən. – Ağa, ağa… – De görüm, Telli qarının dedikləri düzdürmü? Sən bir bu qədər şeymi istəyirsən? – Elə sözgəlişi dedim. Telli qarı da şair adam… Və mən toydan ötrü bir şey istəməyim? – Belə de… İndi sən Aşıq Heydərə cavab verə biləcəksənmi? – Yox, yox, mən hara, o hara?! Yenə insaf-mürvət səndədi, Aşıq Heydərə qalsa, evim yıxılacaq. – Mən bitlmirəm, Aşıq Heydər, istədiyini istə bundan. – Ağa, bu, Telli qarıdan nə istəyibsə, onun hamısını özü hazır eləsin. Xeyir işi gecikdirmək olmaz. Qaldı o yüz beşlik qızıl. Onu da Yastı Alı sayıb versin Telli qarıya. Bunu eşidəndə Yastı Alı yerində qurcalandı: – Ay Aşıq Heydər, bu, heç olmadı. Sən mənim evimi yıxmaqmı istəyirsən? – Bəs sən bu deyilənləri Telli qarıdan istəməmişdinmi? İstəmişdin! İndi özün ver görək. – Ay Mahmud ağa, Aşıq Heydər göz görə-görə Telli qarının tərəfini saxlayır. Axı… Mahmud ağa yenə gülümsündü: – Yastı Alı, daha mənlik iş qalmayıb. Buna Aşıq Heydər baxır. O nə desə, onu eləməlisən. – Ona ki qaldı, nə istəsə, onu da alacaq. Aşıq Heydər məzəynən Yastı Alıya baxıb əlini-əlinə vurdu: – Utanmırsan heç? O qədər var-dövləti öləndə arxanca gor evinə aparacaqsan? Yox. Daha niyə sızıldayırsan? Nə deyim… nə demişəm, ona əməl elə. Allah xeyir versin. Nə təhər olur? Elə istəməyin belə də qaytarmağı var, daha dalına hay-havar salma. Mahmud ağa əlini cibinə salıb bir çəngə yüzlük çıxardı verdi Telli arvada: – Al bu pulu, toy xərci elə. Amma Aşıq Heydərin dediyi şərt qalır. Üç günə kimi toy başlamalıdır. İndi gedin toya hazırlaşın. Toy günü Aşıq Heydər də, mən də gələcəyəm. Telli qarı da, Yastı Alı da onlarla sağollaşıb getdilər. Üç gündən sonra toy oldu, Telli qarının arzusu yerinə yetdi. * * * Aşıq Heydərin Axırkələk səfəri Bir gün Aşıq Heydər oturub qəlyan çəkirdi. Birdən arvadı Yetər tələsik içəri keçdi: – A kişi, bir nəfər cavan, boylu-buxunnu oğlan gəlif, amma nə qədər elədim içəri gəlmir. – Ay arvad, kimdi, nəçidi? Bə demirmi? – Vallah, heç nə demir. Amma ustad deyif durur, bu kimdi – bilmirəm. – Eh, sən nəyi bilirsən ki! Aşıq Heydər hirsnən qalxdı ayağa, qapıda duran oğlanın əlindən tutuf çəkdi içəri. – Yetim Ləvənd bala, bu neçə ildi harda qalıbsan? – Ustad, nə deyim, vallah … Aşıq Heydər qəlyanını bir də doldurdu. Dalbadal bir neçə qüllab alandan sonra bir də Yetim Ləvəndə baxdı, ürəyi yandı. – Ay bala, necə düşüfsən? Nər kimi oğuldun, bu nə işdi? Yetim Ləvənd başını saldı aşağı. – İndi dərdini mənə deməyəcəksənmi? – Ustad, bilmirəm nə təhər deyim. – Nə təhər deyirsən, de. – Eşq atəşi yandırdı məni, amma… Molla Qara insafa-mürvətə gəlmir. – Bu dediyin Axırkələkli Molla Qaradı? – Ustad, sən onu tanıyırsan? – Tanıyırsan da sözdü! Mən ha bu molla tayfasından qaçıram, amma… Bilirəm, mənsiz işin aşmayacaq, Molla Qaranın üzü qara olsun. Yaman müşkülə salacaq bizi. İndi nə deyirsən, onun yanına elçiliyəmi gedək? – Sən bilən məsləhətdi. – Yaxşı, de görüm bu Molla Qaranın neçə övladı var? – Bir oğlu, bir qızı var. Oğlunun adı Hümmət, qızının adı Bəyazdı. – Bəyazdı? Aşıq Heydər həyəcanla ayağa qalxdı, yenə əyləşdi, kişinin dili-dodağı əsdi. – Vay-vay, ay Yetim Ləvənd, sən mənim lap dinimi-imanımı yandırdın! – Axı mən… – Danışma, qoy öz dərdimnən ölüm. Yetim Ləvənd təəccüblə Aşıq Heydərə baxdı, amma ustadının bu narahatlığınan heç nə qanammadı. Elə bu vaxt içəri Məşədi Rəcəb gəldi. Salam verib bir Aşıq Heydərə, bir də qonağa baxıb başını buladı. – Ay Heydər, bu nə qaş-qabaqdı səndə. Özgə vaxt olsa… Qonağın yanında. – Əşi, sən bir əyləş. İş başqadı. Bu oğlan Yetim Ləvənddi, işi bir az dolaşığa düşüb. – Nə kömək lazımdı, eləyim. – Yox, yox, əşi, sən hirsli adamsan. Bu işi bir az da dolaşdırarsan. – Axı bu nə işdi belə? – Axırkələkli Molla Qaranın yanına getməliyik. – Molla Qaradan mənim zəhləm gedir, təpəsindən bir güllə əksikdi. – Başına dönüm əmi, bu işi mən özüm həll edərəm. – Onda Axırkələyə gedəndə orada mənim Dəli Durmuş adlı bir dostum var, çətinliyiniz olsa, ona deyərsiniz. – Yaxşı, Ləvənd, dur gedək. – Ay kişi, qonaq bəlkə acdı. Yetər arvad belə deyəndə Aşıq Heydər acıqlandı: – Bəs bayaqdan niyə ortaya bir şey qoymursan? O saat ortaya yemək-içmək gəldi. Yeyib-içəndən sonra Məşədi Rəcəb dedi: – Heydər, necə bilirsən, elə də elə. Sizə yaxşı yol. Bəli, Aşıq Heydərnən Yetim Ləvənd yola düşdülər. Gəlib Axırkələyə çatan kimi Molla Qaranın evinə gəldilər. Molla Qara Aşıq Heydəri görəndə boğazı qurudu. Elə can dərdi bunları qonaq elədi. Qonaqlar bir tərəfdə əyləşdilər, amma Aşıq Heydər qəlyanını doldurdu, bir-iki qüllab alıb sufra hazırlayan qızlara baxdı, nə fikirləşdisə dedi: – Molla Qara, sən yaxşı bilirsən ki, sənin qapına niyə gəlmişəm. – Niyə gəlifsən, o öz işindi, amma mənim qonağımsan. – İndi bu beş qıza bir söz deyəcəm. – Ay Aşıq Heydər, mən molla adamam, mənim evimdə Quran oxunur, bura aşıx-zad yığnağı deyil. – Mən də sənin kimi molla deyiləm, mollalardan da xoşum gəlmir. Allaha da qurban olum, müqəddəs Qurana da. Qansan indi deyəcəyim sözlər də bir hikmətdi, əgər anlasan… Görək burda Aşıq Heydər götürüb nə dedi: Sallana-sallana gələn gözəlin, Dördü qahqah çəksin, biri ağlasın. Bir azca toxdasın, gəlsin özünə, Verməsin özgəyə sirrin, ağlasın. Çıxarsın qaranı, geyməsin qara, Qara olan salıb onu azara. Al-yaşıl geyinib çıxsın bazara, Dərdi olan gəlsin bəri, ağlasın. Aşıq Heydər deyər hər vaxt gördüyün, Kor olsun düz işə salan kor düyün. Allah qismət etsin barı toy-düyün, Adını deyirəm Pəri ağlasın. Söz tamama yetdi, amma Molla Qaranın az qaldı bağrı çatlasın. Öz-özünə dedi: «Əyə, bu Aşıq Heydər bilicidi, nədi. Bu nə bilir Pəri kimdi, mən oğlumu bazara yollamışam? Yox, bu betər adamdı, yaman pis yerdə ilişdim». Elə bil Aşıq Heydər Molla Qaranın ürəyindən keçənləri oxudu. Odur ki, yenə sözə başladı: Çoxdan ürəyində tutmuşdun məni, İndi ki, gəlmişəm çıx meydanıma. Aslansan, pələngsən, filsən, kərkədan, Betər alov kimi ax meydanıma. Qəlbini yandırır kinin, küdrətin, Caduda, pitikdə çoxdu qüdrətin, Sən bilən deyilsən qədir-qiyməti, Gurla ildırım tək, çax meydanıma. Mən Aşıq Heydərəm, sığınnam haqqa, Şeytansan, olsa da başında cıqqa, Qapına gəlmişəm, çıxarma hoqqa, Yaxşı nəzər yetir, bax meydanıma. Söz tamama yetdi, amma yenə Molla Qaranın halı betər dəyişdi. Özünü birtəhər ələ aldı: – Aşıq Heydər, sən bir yaxşı adamsan, üstəlik də qonağımsan. Gəl bir-birimizin xətrinə dəyməyək. Molla evində sazın, sözün nə işi? Bu mənim qəlbimə dəyir axı. – Eləmi? – Bəli, bəli. – Onda qulaq as. Sözün ziyanı yox, sazım ondan çox, Sənətkar görəndə xoflanma bir də. Sərraf adamsansa, düz gözümə bax, Sözümdə gövhər var, inci də, dürr də. Sənətkar sayılmaz yoldan ötən, bil, Haqqa biz də quluq, köləyik, sən bil, Korsan, ya görmürsən, sil, gözünü sil, Məni azca söylət, dindir bu yerdə. Sənə qənim olmaz haqqın sahibi, Şeytanlıq puluyla doldurma cibi, Bu Aşıq Heydərin budur tələbi, Boz üzün göstərmə mərd oğlu mərdə. Söz tamama yetdi: Molla Qara ha özünü ələ almaq istəsə də bacarmadı. Qaşlı-qabaqlı dedi: – Aşıq Heydər, bayaq dedim, yenə də deyirəm, sən aşıqsan, mən mollayam… Sənnən mənim sözüm tutmaz. Bu qədər yolu nahaq gəlifsən. Üstəlik, mənə də ağzına gələni deyirsən. Qonaqsan deyə başqa söz deyə bilmirəm. Bir də hələ tezdi… Qoy biz də bir fikirləşək. Bu belə deyəndə Aşıq Heydər hirsli-hirsli qəlyanını doldurdu. Bir-iki qüllab alandan sonra görək burada nə dedi: Nə vardan qorxum yox, nə də ki, puldan, Mərdlik adətimdi, bilnən, a molla. Xeyir işdən ötrü tökmə qaş-qabaq, Bizimlə bir yola gəlnən, a molla. Nəyi bəyənmirsən, açıq söylə gəl, Bu, Allah işidir, yoxdu bir əngəl, Kişisən, kişi ol, mənə qurma pəl, Bir dodağın qaçsın, gülnən, ay molla. Bu sözü eşidəndə molla lap dəli oldu. – Dəli-zad deyiləm ki, nəyə güləcəm ki? Aşıq Heydər ona tərs-tərs baxıb aldı sözün möhürbəndini: Niyə qaradasan, əzizin ölüb? Sənin qaş-qabağın bizəmi qalıb? Aşıq Heydər sənin mətləbin bilib, Ya qızı ver, ya da ölnən, a molla. Söz tamama yetdi, amma Molla Qara hirsindən-hikkəsin-dən qapqara qaraldı, amma dillənmədi. Aşıq Heydərin sinəsi də-mirçi körüyü kimi qızmışdı. Odur ki, dedi: – Molla, sənə bir sözüm də var, qulaq as: Dillərə salaram səni, Od tutarsan, Molla Qara. Xəstə olub sürünərsən, Çox yatarsan, Molla Qara. Başın dəyər neçə daşa, Huşun itər, ağlın olmaz, Düşərsən tozlu yollara, Dərd satarsan, Molla Qara?! Mollalardan xeyir gəlməz, Neçə-neçə görmüşəm mən, Üz-üzə gəlmişəm, neynim, Paylarını vermişəm mən El içində ad-sanım var, Məclisimi qurmuşam mən. Mən atlıyam, piyadasan, Sən çatarsan, Molla Qara. Cıdır, Ağbaba, Qağızman, Qarsdan belə gəzən mənəm. Şirin-şirin söhbətləri, Nizamlayıb düzən mənəm. Dərin-dərin dəryalarda, Qəvvas kimi üzən mənəm. Üzmə şərin ümmanında, Tez batarsan, Molla Qara. Söz tamama yetən kimi Aşıq Heydər yerindən qalxdı ayağa: – Molla Qara, mən sənə dediyimi dedim, gəl inad eləmə. – Yox, Aşıq Heydər, mən hələ düşünməliyəm. – Onda bu gecə düşün, mən gedirəm. – Axı… – Yox, yox… Mən sənə qonaq ola bilmərəm. Əlbət, bir adam tapılar… Aşıq Heydər, dalınca da Yetim Ləvənd eşiyə çıxdılar. Bunlar Dəli Durdunun evini xəbər alan kimi göstərdilər ki, filan evdi, getdilər oraya. Dəli Durdu onları çox mehribanlıqla qarşıladı. İşin nə yerdə olduğunu öyrənəndə, dəli beyni qızmadımı: – Yox, bu Molla Qara lap ağ elədi. And olsun Allaha, onun atasını yandıracam. Ona divan tutmasam, bu bığlarını da qırxdıracam, adını da dəyişdirəcəm. Aşıq Heydər işi belə görəndə, əlini yellədi: – Yox, belə olmaz, Dəli Durdu. Bir gör mən hələ nə deyirəm. Bu belə deyəndə Yetim Ləvənd də, ev sahibi və çox maraqlandılar. Aşıq Heydər qəlyanını doldurdu: – Sabah Molla Qaranın özü adam yollayacaq buraya. Dəli Durdu, sən heç hirslənib eləmə. Ağama daxıl düşmüşəm, səbr elə. Dəli Durdu qonaqlarını yaxşı ağırladı. Yeyib-içəndən sonra bir az oradan, bir az buradan söhbət eyləyib, başlarını atdılar yerə. Amma ilan vuran yatdı, biçarə Yetim Ləvənd yatmadı. İndi görək Molla Qaranın başına nə gəldi. Mollanın adamları onun başına yığışıb dedilər: – Sən çox səhv elədin, qapına gələn qonağı narazı yola saldın. – Lap əcəb elədim. Görmürsünüz, mənə ağzına gələni dedi. Bunların içində Uzun Əjdər adında biri vardı. O dedi: – Molla Qara, bu səhvin altını çəkəcəksən. Bə sən bilmirsənmi, Aşıq Heydər haqq aşığıdı. Bir o qədər söz dedi, heç qanmadın. O nə bildi Pəri kimdi, nəçidi – bu bir. Niyə bazarı işarə eləyib keçənləri üzünə dedi – bu dörd. Pulunun hardan gəldiyini söylədimi – bu beş. Yenə deyimmi? – Daha nə dedi? De görək. Molla acıqlı-acıqlı Uzun Əjdərə əlini yellədi. O, yerindən dik qalxdı: – Mən daha heç nə demirəm. Bir də onu deyirəm, Aşıq Heydər gedəndə sənə xəbərdarlıq elədi. Amma sən onu eşitmədin. Daha nə deyim? O, qapını vurub çıxdı, adamlar da öz sözlərini dedi. Molla Qara baxdı ki, gecə yarıdan keçib, amma yuxusu gəlmir. Amma elə candərdi arvadına dedi: – Arvad, yerimi sal. Bu Aşıq Heydər ovqatımı yaman korladı. Arvad yeri açan kimi bu tirləndi yerə. Az keçmədi ki, onu yuxu tutdu. Azmı yatdı, çoxmu yatdı. Sabaha yaxın ayıldı ki, qan-tər içindədi. Dikəlib yerin içində oturdu. Gördüyü dəhşətli yuxudan hələ də vahimə içində idi. Bədəni əsə-əsə arvadına dedi: – Ay arvad, bu nə işi idi mənim başıma gəldi? – Nə olub ki? – Yuxuda məni az qala boğub öldürürdülər… – Əşi, yuxudu da… – Yox,yox… dönə-dönə xəbərdarlıq elədilər: Gedib Aşıq Heydəri razı salmasan vay sənin halına! Dur sən evi qaydaya sal, mən də Aşıq Heydərin dalınca adam yollayım… Bəli, Aşıq Heydəri çağırdılar. O, Dəli Durduynan, Yetim Ləvəndnən gəldi. Molla Qara Aşıq Heydərdən üzr istədi, çonra xeyir işə razılıq verdi. O günün sabahı toy başladı. Toyu Aşıq Heydər keçirdi. Bu əhvavlat da o vaxtdan dillərə düşdü. * * * Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması Deyirəm bu söhbəti danışmamışdan qabaq bir-iki ustad kişiyi öz sözləriylə yada salaq, yenə söhbətimizə davam eləyək. Amma o sözlər ki, qəriblikdən, ayrılıqdandı… Çünki indi xeyli vaxtdı biz yurddan-yuvadan ayrı düşmüşük. Gərəkdi ki, bizim bu hal-əhvalımıza uyğun söz deyilsin. Xüləsə, deyirəm qabaqca Yetim Əsgərdən bir söz deyək, ruhu şad olsun. Müxənnət fələyin nəzərindəyəm, Qəzaynan, xətaynan hədələr məni, Yaxam əlindədi, qalmışam naçar, Nə olsun tanıyır dədələr məni. Yaş gedir, dərd artır, bel də bükülür, Candan qüvvə gedir, nur də çəkilir, Ürəyə xal düşür, bağrım sökülür, Tutur tənələrə gədələr məni. Əhli-hal tapmıram açam dərdimi, Ona nişan verəm ata yurdumu, Yetim Əsgər sevər elin mərdini, İnsafdı, namərdlər didələr məni?! Ustadlar bir deməz, iki deyər. Biz də yenə birini də Yetim Əsgərdən deyək, olsun iki. Hardan, niyə gəldin, soruşma, qardaş, O dağdan bu dağa güzardı düşdü. Məni yurd-yuvamdan, eldən elədi, Sədəmə toxundu, nazardı düşdü. Əlindən iş gəlmir, eybinə kor ol, Varda gözüm yoxdu, lap sahibkar ol, Məni tanıyandan məni xəbər al, Qəriblik qanıma azardı düşdü. Dürlü sözləri var Yetim Əsgərin, Bir zad deyil sənin anarı-bərin, Mən indi qəribəm, yoxdu öz yerim, Sanıram baxtıma məzardı, düşdü. Ustadlar sözü iki deməz, üç deyər. Biz də birini Mağaraçıqlı Hasan xandan deyək, olsun üç. En, ey könül, sən göylərdən, Əhli-hal yerindədi, Məqamın həmən məqamdı, Cah-calal yerindədi. Söz mülkünün ləl-cövhəri, Qaradan gəldi ağa, Çünki böyük zəhmətim var, Var halal yerindədi. Dərddən nələr çəkib başım, Bilirik sən də, mən də, Fələk məni tanıyıbdı, Salıb qəmnən kəməndə. Mən bir ürfan adamıyam, Süvar olub səməndə, Dolanıram oba-oba, El, mahal yerindədi. Hasanxanı gəl incitmə, O ki, qırxlar quludu, Safdı qəlbi, həm nəfəsi, Könlü sözlə doludu. Getdiyi yol haqq yoludu, Şahi-mərdan yoludu. Təbi qaynar, sözü lətif, Pir, abdal yerindədi. Bəli, Allah ustadlara rəhmət eləsin, keçək söhbətimizə. Aşıq Heydər Hacı Abbasoğlu Mahmud ağanın məclisinin nuru sayılırdı. Ağa ona aşıq kimi, şair kimi böyük hörmət eləyir, harya getsə, onu aparırdı. Aşıq cavan vaxtı saz çalsa da, sonralar ana babasının sözüynən daha sazı yerə qoydu, amma avaznan elə oxuyurdu, az qalırdı ki, uçan quşlar da havada qanad saxlaya. Sözüm yox, yenə Mahmud ağaynan Aşıq Heydər Kəmərvana getmişdilər. İşlərini görəndən sonra, yəni orda məclis keçirəndən sonra onlar geri qayıdanda kəndin qırağında bir cavana rast oldular. Baxdılar, bu, cütün macından tutub yeri heç yaxşı əkə bilmir. Yeri əkməyin əvəzinə cızalayıb, zay eləyib bu. Odu ki, Aşıq Heydər Mahmud ağaya dedi: – Ağa, əgər izn versən, bu cavana bir söz demək istəyirəm. Sinəmə bir neçə xana söz gəlib. – İzindi, sən söz deməymində ol. Mahmud ağa belə deyəndə Aşıq Heydər görək burda götürüb nə dedi: Durma, macdan yaxşı yapış, Xərək qoyub qaralama. Ək ürəklə, həvəsiynən, Gəl torpağı yaralama. Haqosa bax, diqqət elə, İşlə, çalış, gülə-gülə, Bu obadan sən naz ilə, Gəl özünü aralama. Niyə oldu halın xarab? Peşən olsun özünə bab. Heydər deyər başqa iş tap, Yeri-yurdu qaralama. Bəli, söz tamama yetdi. Amma cavan oğlan öküzü əylədi. Alnının tərini slib atlılara, yəni Aşıq Heydərlə Mahmud ağaya yaxınlaşıb dedi: – Düzdür, dediyinə iradım yoxdur, amma ağa özü məni məcbur elədi ki, get yeri sən ək. Mən də əkin işini bilən adam deyiləm. Mənimki daş işidir, ev tikirəm, mustuq yonuram, holuq düzəldirəm. – Bə adın nədir ? – Yetim Ləvənd. – Soruşmaq ayıb olmasın, hansı tərəfdənsən? – Axırkələkdənəm. Atam-anam öldü. Mən bir parça vaxtımnan düşdüm qapılara. Sağ olsun Usta Pirini, mənə sənət öyrətdi – güzaranım bu tərəfə düşür, o da belə... Mahmud ağa bunu bir xeyli sorğu-suala tutdu, daha heç nə demədi. Yenə üzünü Aşıq Heydərə tutdu. Yəni görək Aşıq Heydər nə deyir bəs. Aşıq Heydər Yetim Ləvəndə dedi: – Baxıram sinən söznən doludu. Bəlkə bir söz deyəsən. – Ürəyimnən dedin, sən də cavab verərsənmi? – Sən de görüm. Baxım, xoşuma gəlsə, mən də bir şey deyərəm. İndi görək burda Yetim Ləvəndə nə dedi, Aşıq Heydər ona nə cavab verdi: Kor baxdım mənimlə heç getmir yola Yandırıb oddara hara gəlibdi. Yığıb mənə verib dərdi, bəlanı, Əzəldən belədir, qara gəlibdi. Aldı Aşıq Heydər: Boy-buxun, sir-sifət, cavanlıq səndə, Bulud tək tutulub dolmağın nədi. Dərd-sərini söylə, biz də bir bilək, Heyva tək saralıb solmağın nədi. Aldı Yetim Ləvənd: Barı «hiş» də qanmır tərs öküz kimi, Qəmi qabağıma düzür köz kimi. Bircə faydası yox çürük qoz kimi, Deyim bircə gün də kara gəlibdi. Aldı Aşıq Heydər: Qaradan qaradı o baxt dediyin, Əlbət ki, varlıdı xoşbəxt dediyin. Yerini alarmı hər vaxt dediyin, Dərdi sinən üstə almağın nədi. Aldı Yetim Ləvənd: Feldardı, bal yağır yağlı dilindən, Baş aça bilmirəm heç əməlindən. Qurtarmaq olur ki, bunun əlindən. Yetim Ləvənd bezib, zara gəlibdi. Aldı Aşıq Heydər: Aşıq Heydər deyər bir az tab elə, Aç sinədəftərin, bir kitab elə. Səxalı bəylərə bir xitab elə, Baxtın qarasında olmağın nədi? Söz tamama yetəndə Aşıq Heydər Yetim Ləvəndə dedi: – Əyə, sən əməlli söz deyənsənmiş ki! İndi bir söz deyəcəm, mənə cavab verərsənmi?. – Sən başla görüm, mən də sənə layiq bir-iki söz tapa bilərəmmi?. Bəli, Aşıq Heydər burda yenə görürdü görək nə dedi: Nə ucadı, nə alçaqdı, Bu məqamlar kimdədi? Gözəl işlər, gözəl peşə, Böyük namlar kimdədi? Pul oduna ömür verən Nə qazanar dünyada? Haqq ataşı, üzün nuru, Dolu camlar kimdədi? Aldı Yetim Ləvənd: Mərd ucadı, namərd alçaq, Uca məqam mərddədi, Gözəl işlər, gözlə peşə, Böyük namlar mərddədi, Pul oduna yanan kəslər Faniliyi qazanar, Haqq ataşı, üzün nuru, Dolu camlar mərddədi! Aldı Aşıq Heydər: Varü-dövləti, qızıl-gümüş, Ləlü-göhhər nə şeydi? Nədi söylə kişi işi Bu dünyada nə yeydi? Qara saçı nə ağartdı, Əlif qəddi nə əydi? Ağır məclis, şirin söhbət, Qara damlar kimdədi? Aldı Yetim Ləvənd: Varü-dövlət, qızıl-gümüş Aqillərə nə şeydi, Kişi işi səxavətdi, Eylik eləmək yeydi, Qara saçı, əlif qəddi Qoca fələk tez əydi; Ağır məclis, şirin söhbət, Qara damlar mərddədi! Aldı Aşıq Heydər: Mərd dediyin necə kəsdi? İşi-gücü yoxdumu? El içində yeri-yurdu, Varı-yoxu çoxdumu? Mala-pula meyl eləmir Harda qurub taxtını? Aşıq Heydər sual eylər Şirin dəmlər kimdədi? Aldı Yetim Ləvənd: Mərd deyilən haqq elçisi, Yaxşı bilir işini, Əzəl başdan heç buraxmır Yaxşılığın peşini; El içində məclis qurar. Mərdə verər aşını; Yetim Ləvənd doğru söylər Şirin dəmlər mərddədi! Söz tamama yetəndə Aşıq Heydər baxdı yenə Yetim Ləvəndin sözü var deyən. Odu ku, dedi: – Baxıram yenə dənçiyində söz var. De görüm, nə deyirsən. – Bu belə deyəndə Yetim Ləvənd yenə sözə başladı: Bir yandan yetiməm, bir yandan kasıb, Tale dərd şələsin belimə basıb. Ataşlı zənciri boynundan asıb, Kimsə pənah yoxdu, təkcə qalmışam, Sitəmə tuşam. Aldı Aşıq Heydər: Darıxma darılma, dərdə qayım ol. Əlbət, tanrı verər sənə da bir yol. Ucadan ucadı çox adildi ol, Hər vaxt pənahında saxlayar səni, Gəl eşit məni. Aldı Yetim Ləvənd: Evsiz-eşiksizəm, simsarsız, fağır... Nə məclis görürəm, nə də çal-çağır. Dərd dərdin dalınca üstümə yağır. Hələ indiyəcən kədər almışam, Yuvasız quşam. Aldı Aşıq Heydər: Sən ki, söz deyəsən, simsar tapılar, Açılar üzünə bağlı qapılar. Dərddən sınıq könlün sözlə yapılar, Qovarsan başından dumanı-çəni, Gəl dərddən geni. Aldı Yetim Ləvənd: Yetim ləvənd deyər bir ustadım yox, Saza həvəsim var, sözə ondan çox. Aşıq Heydər, mənə yaxşı göznən bax, Bu cavan yaşımda dərdə dalmışam, Bir bağrıdaşam. Aldı Aşıq Heydər: Aşıq Heydər gördü sənin dərdini, Həlbət bular el-obanın mərdini. Qəm eləmə, mən bilirəm qədrini. Gəl unut burada olub-keçəni, Haqqa sal yönü. Söz tamama yetən kimi Mahmud ağa bir qələm, bir kağız çıxarıb nəsə yazdı, sonra Aşıq Heydərə baxıb dedi: – Aşıq Heydər, zəhmət olmasa, atdan düş, ver onu Yetim Ləvəndə, qoy getsin kəndə. Bayaq Aşıq Heydər atı verdi Yetim Ləvəndə. Mahmud ağa dedi: – Neçə aydı burda işləyirsən? – Üç aydı. – Yaxşı, ağa sənə 15-20 manat haqq verməlidi. Amma sən bu kağızı al, ver ona geri, dübara burya gəl... Özün də bir az çəpik ol. – Bu saat. Bayaq Yetim Ləvəndə ata minən kimi atı dəhmərləyib kəndə tərəf yol aldı. Aradan az keçmədi ki, Yetim Ləvənd geri qayıtdı, atdan düşüb onu sahibinə qaytaranda Mahmud ağa dedi: – Yetim Ləvənd, min Aşıq Heydərin tərkinə. Deyirlər Aşıq Nəsib yaxşı aşıqdı. Səni onun yanına aparıram. Əlbət hünərin var, amma yenə xeyrinədi... Al bu da sənə yol xərcliyi. Mahmud ağa Yetim Ləvəndə xeyli pul verdi. Yetim Ləvənd ağanı dualaya-dualaya pulu cibinə qoydu, Aşıq Heydərin tərkinə mindi. Gəlhagəl gəlib onlar bir kəndə çıxdılar. Mahmud ağa atını bir evin qabağında saxlayıb dedi: – Bilirəm, Aşıq Nəsib burda olur. Ona kimi qapı açıldı. Ev sahibi eşiyə çıxdı, gələnləri qarşıladı. Nökər-qulluqçu tökülüb atları tövləyə çəkdilər. Mahmud ağagili də evə apardılar. İçəri keçdilər ki, məclis qurulub. Aşıq Nəsib lap başda oturub qəlyan çəkir. Bunlar salam verib keçdilər başa. Aşıq Nəsib o saat Aşıq Heydəri tanıdı. – Əyə, a qara Heydər. Mən harya gedirəm, gərək sən də oraya gələsən? – Bə, neynim. Mən də belə adamam. – Yanındakı bu cavan oğlan kimdi? – Yetim Ləvənd. – Axırkələkli cavandımı bu? – Necə ki... – Deyirlər bir az söz-zad deməyi var. – Sən hardan bilirsən. – Mənim bilmədiyim şey var ki?! Aşıq Nəsib qəlyanı bir yana qoyub sazını sinəsinə basdı. – Əyə, a qara Heydər, sən yaxşı söz deyənsən, amma sinəmə bir neçə xana yaxşı söz gəlib, deyim qulaq as. İndii görək Aşıq Nəsib burda götürüb nə dedi: Qırxların əlindən badə işmişəm, Qəlbinin nurundan sözüm bol gəlir. Dərdə alışmışam, düzü seçmişəm, Sinəmin başına haqdan yol gəlir. Meylim yox dünyada mala-dövlətə, Pendir-çörək bəsdi, yemərəm kətə. Mən tamah salmaram pişmişə, ətə, Boğazdan, gödəndən axı ol gəlir... Nəsibəm, sözümə sən də, yaxşı bax, Yerdən öz-özünə qaynayır bulaq. Yorğa yeriş nədi nə bilir ulaq? Sağdan sonra əlbət, bir də sol gəlir. Söz tamama yetən kimi Mahmud ağa aşığın qabağına bir onluq qızıl qoydu. – Sağ ol, var ol, aşıq. Səndən bir xahişim var, bu oğlanı (əliynən Yetim Ləvəndi göstəridi) sənin yanına gətirmişəm ki, bunu özünə şəyirt götürəsən. Səsi də var, sözü də var... qalanını da sən bilirsən. – Nə deyirəm. Mahmud ağa, amma bu cavanla ötəri deyişmək istiyirəm. Görək razı olacaqmı. – Mən razıyam. – Eləmi, onda gəl qabağa. O saat Yetim Ləvənd keçdi Aşıq Nəsibin qabağına. Yenə Aşıq Nəsib sazı sinəsinə basdı, görək nə dedi: Ustadın, pirin kim, özün de kimsən, Söz betər tutubdu harada səni? Yoxsa natarazsan, bir ağlı kəmsən, Xəcil eləmiyim burda səni. Aldı Yetim Ləvənd: Ustadım Əlidi, ol Şahi-Mərdan, Yetiməm dərd üstə tutub söz məni. Ağlı-huşu cəməm, ağlım başımda Gəl sıxma-boğmuya salnan az məni. Aldı Aşıq Nəsib: Fağırsan, gədəsən, yoxsamı mərdsən, Yoxsa özün boyda dünyaya dərdsən. Olmuya bilmirəm, qurd oğlu qurdsan, Dar yerdə qoyarsan qarada məni. Aldı Yetim Ləvənd: Fağıram, kasıbam, gədə deyiləm, Nə də özüm boyda qada deyiləm. Mən qurd oğlu qurdam – bilir bu aləm, Dillənsə, ram edir telli saz məni. Aldı Aşıq Nəsib: Aşıq Nəsib deyər sözü uzatma, Uca məqamlara əlini atma. Mənim düz sözümə qaşını çatma, Nədi dingildədən arada səni. Aldı Yetim Ləvənd: Yetim Ləvənd deyər sözüm uzanmaz, Dərdə müştaq olan boşuna yanmaz. Bir alçaq könüldü deyil ki, qanmaz. Çağırar çöllərə gələn yaz məni. Bəli, söz tamama yetdi. Aşıq Nəsib dedi: – Yetim Ləvənd, sağ ol. Səndən yaxşı aşıq olacaq. Bu gündən səni özümə şəyird götürdüm. Elə o vaxtdan Yetim Ləvənd Aşıq Nəsibə şəyird oldu. Bir neçə il onun yanında qaldı, aşıqlığın yolunu-izini öyrəndi. Allah sizləri də mətləbinizə çatdırsın. * * * Aşıq Heydərlə Aşıq Məhəmməd 1920-ci ilin noyabr ayında Güllübulaqlı Aşıq Nəsibin dəvəti ilə Aşıq Heydər Güllübulağa gəlir. Burada Aşıq Nəsib Aşıq Şenliyin əziz xatirəsinə böyük məclis təşkil edir. Aşıq Şenliyin “Lətif Şah” dastani Aşıq Heydərə həvalə olnur. Bir həftə çəkən məclis böyük təm- təraqla başa çatır. Aşıq Nəsib Aşıq Heydərın qarşılaşdığı çərinliklərdən tam halı idi. Ona görə də məclisə nə yığılmışdırsa hamısını Aşıq Heydərə verir. Payizin qarlı- şaxtalı havasında Güllübulaqdan yola çıxan Aşıq Heydər günortaya yaxın Daşkörpü kəndinə çatır, lakin güclü dağ boranının qalxdığından öz kirvəsi Məşədi Zaloygilə getmək qərarına gəlir. Aşıq Heydər əvvəllər həmişə Qars və Gümrüdən məclislərdən gələn zaman Məşədi Zaloyun əziz qonağı olurdu. Aşıq Heydər qazancının bir hissəsini Məşədi Zaloya verib deyərdi: Kasıb adamsan, bu pulları götür, xeyir var, şər var, lazımın olar. Elə bu işlərinə görə də Məşədi Zaloyun ən sevimli qonağı Aşıq Heydər idi. Vaxtıilə üzünə taybatay açılan qapılar, taybatay baglandı. Qapını açan olmadı ki, olmadı. Lakin içəridən Məşədi Zaloyun asta danışığını hiss edən Aşıq Heydəri təccüb bürüdü. Məşədi Zaloy öz kiçik oğluna astadan dedi; Bala, qapını açma! qələt elədim, yol kənarında ev tikdim, hər yoldan keçən deyir məni qonaq elə! Uşaq isə dilləndi: Ata, gələn Aşıq Heydərdi. Məşədi Zaloy: Bu lap pis! İrandan gəlib, acın-gicin biridi, nəsə istəməyə gəlib! İşi belə görən Aşıq Heydər kor- peşman geri qayıdır. Kəndin içində ona Daşkörpü kəndinin ağsaqqalı Qəhrəman kişi rast gəlir. Qəhrəman kişi Aşıq Heydərin soyuqdan tir- tir əsdiyini görüb onu öz evinə götürür. Axşam Qəhrəmanla Aşıq Heydər şırin söhbətlər edirlər. Aşıq Heydər İranda başına gələnlərdən və öz qardaşı oğlunu Araz çayının qırağında dəfn etməsindən danışır. Nə isə, səhər açılır. Qəhrəman kişi Heydərə altdan geyinmək üçün isti paltar verir və deyir: -Aşıq Heydər, sən Məşədi Zaloydan incimə, meşə çaqqalsız olmaz, bu sağolmuşun gözünü pul tutub. Aşıx Heydər isə gülümsəyərək deyir; -Mənim heç kimdən inciməyə ixtiyarim yoxdur, bircə o böyük yaradan bizlərdən inciməsin. Ancaq Qəhrəman kişi, belə qohumluq olmaz axı. Bir qələm götür, mən deyim sən yaz. Görək Aşıq Heydər Məşədi Zaloya nə deyir. Salam Əleyküm, Məşədi, Məşədi bir ağa kişidi. Kişi əl - ayağım üşüdü, Kirvə, məni qonaq eylə. Gəlirdim Güllübulaqdan, Boran da qaxdı qabaqdan. Utan bizim kirvalıqdan, Kirvə, məni qonaq eylə. Bozqaladan qaxdı duman, Şalvar altda yoxdu tuman. Məşədidən qaçır iman, Kirvə, məni qonaq eylə. Aşıq Heydər bu yerdə sözünü yarımçıq qoyaraq Qəhrəman kişiyə dedi: Sağ ol, Qəhrəman, sənin bu yaxşılığın yadimdan çıxmayacaq. Nə bildin ki, mənim alt tuman - köynəyim yoxdu. Qəhrəman kişi isə gülə - gülə dilləndi: Aşıq Heydər, mən uşaq deyiləm ki, sən soyuqdan tir- tir əsirdin. Bu dəmdə Aşıq Heydər aldı görək nə dedi: Görüm səni burda tək qal, Qonaq eylə məndən haqq al. Boynu yoğun, özü çaqqal, Kirvə, məni qonaq eylə. Boran imkan vermir, əsir, Maşqı da amanım kəsir. Aşıq Heydər tir-tir əsir, Kirvə, məni qonaq eylə. Aşıq Heydər Qəhrəman kişi ilə sağollaşıb öz doğma kəndi Düzkəndə gəlir. Aradan bir xeyli keçməmiş Aşıq Heydərın bu qoşması toylarda və məclislərdə səslənməyə başlayır. Bu sözlər Məşədi Zaloya möhkəm təsir edir. Məşədi Zaloy Aşıq Heydərdən əvəz çıxmaq məqsədi ilə Güllübulağa Aşıq Nəsibin yanina gəlir. Aşıq Nəsibə pul təklif edərək deyir: Aşıx Nəsib, sən bu mahalda tanınmış aşıqsan, Aşıq Heydər məni el- obada biyabır edib, ona bir həcv yaz, nə istəsən verərəm. Aşıq Nəsib hirsli vəziyyətdə yerindən duraraq dillənir: Ayə, sən nə həyasız adamsan, adıni Məşədi qoymusan, özün də ziyarətdə olmusan, sən lap iblissən ki, mən nə vaxtdan pulla özgələrinə böhtan yazıram, bir də ki, kimə Aşıq Heydərə, onun cörəyi sənə haram olsun. Sənə pul verəndə yaxşı adam idi, indi ermənilərin əlindən İrana qaçdi, sonra lüt qayidıb, pis adam olub. Necə gəlmisən, dur elə də geni get, mənim evimdə şeytana yer yoxdu. O ki, qaldı Aşıq Heydərə, o həm Allahin quludu, həm də böyük aşıqdı, ona canımı da qurban verərəm. Bu sözlərdən sonra Məşədi Zaloy kor- peşman geri qayıdır. Ancaq Məşədi Zaloy Aşıq Heydərdən heyif çıxmaq üçün növbəti fitnəyə əl atdı. Yaz başı Məşədi Zaloy at furqonuna iki yaxşı erkək qoyub Öksüz kəndinə Aşıq Məhəmmədin evinə gəlir. Aşıq Məhəmmədən xahiş edir ki, Aşıq Heydərə bir həcv yazsın. Aşıq Məhəmməd əvvəl bu işə razı olmur. Sonra erkəkləri görəndə kişini tamah basır, şeytan aldadır. Son sözü bu olur ki, mən gərək Aşıq Heydərə elə bir toy tutam ki, öz toyu yadından çıxsın. Gərək Aşıq Heydər Məhəmmədin adı gələndə sıçan deşiyini satın alsın. Ancaq bu heç belə də olmur, Aşıq Məhəmmədin özü pis vəziyyətə düşür. Əzizlərim bu əhvalat belə baş vermişdir. Günlərin birində Düzkəndli rəhmətlik dəllək Qəfər (Aşıq Heydərin qonşusu olub) Öksüz kəndində bir sünət məclisində olur. Məclisi Aşıq Məhəmməd aparırdı, cavanlardan biri Aşıq Məhəmmədin Aşıq Heydərə yazdığı həcvi oxumağı xahiş edir. Aşıq Məhəmməd bunu demək istəmirdi, ancaq mazarratlar yerdən dillənərək deyirlər: -Aşıq Məhəmməd, səni belə qorxaq bilməzdik, hər aşıq öz sözünün sahibi olmalıdır. Elə bu dəm də Aşıq Məhəmməd sözə başlayır: Gedəndə Arazdan keçdin, Gələndə suyundan içdin. ... Niyə gəldin qara Heydər? Yol üstə bir dam tikmişəm, Dörd yanında xan tikmişəm. ... Niyə gəldin qara Heydər? Həm ağayam, həm nökərəm, Basıb gözünü tökərəm. Sinən üstə dağ çəkərəm, Niyə gəldin qara Heydər? Məşədi bir ağa kişidi, Yediyi kətə, pişidi. Deyinmək arvad işidi, Niyə gəldin qara Heydər? Adını aşıq qoymusan, Bütün mahalı soymusan, ... yeyib, doymusan, Niyə gəldin qara Heydər? İtiləmişəm ülgücümü, Sənə göstərrəm gücümü. Tanrı qorusun bicimi, Niyə gəldin qara Heydər? Öksüzdə meydan mənimdi, Məşədi sənə qənimdi. Canın çıxsın, di öl indi, Niyə gəldin qara Heydar? Bu mahaldan ar eylərəm, Dəmxananı dar eylərəm, Səni burda xar eylərəm, Niyə gəldin qara Heydər? Açmışam urfan meydanı, Məhəmmədi yaxşı tanı. Ağbabanın cin – şeytanı, Niyə gəldin qara Heydər. Aşıq Məhəmməd yenə sözə başlamaq istəyirdi ki, bu dəmdə məclisdə əyləşən Aslan ağa istehza ilə dilləndi: Aşıq Məhəmməd, heç olmasa Qəfər kişidən eyib elə, sözün varsa söz daniş, axı sənə söyüş, böhtan söyləmək yaraşmaz. Mən Aşıq Heydəri yaxşı tanıyıram, axı sən o kişinin bir put çörəyini yemişən, bu dediyin sözlər Heydərə çatsa sözünün arxasında dura biləcənmi. Elə bil Aşıq Məhəmmədin başına qaynar su tökdülər. Heç səsi də çıxmadı. Rəhmətlik Qəfərin boğazından cörək keçmədi. Yarımçıq məclisi tərk edərək başı alovlu özünü kəndə, yəni Aşıq Heydərgilə saldı. Aşıx Heydər molla Rzaqulu ilə oturub şirin söhbət edirdi. O Qəfəri bu vəziyyətdə görüb təccüblə soruşdu: Qəfər, sənə nə olub, belə qan- tərin içindəsən? Axı sən Öksüzdə sünnət məclisidə olmalı idin? Olmaya üzünə yaxşı baxmayıblar? Qəfər hirsli vəziyyətdə dilləndi: Kəs səsini, Aşıq Məhəmməd nəyin vardısa ona söydü, mən də məclisi yarımçıq qoyub gəldim. Heydər gülümsəyərək dilləndi: Qəfər kişi cox nahaq məclisi yarımçıq qoyub gəlmisən, mən onun sözlərini eşitmişəm, bu onun işi deyil, Məşədi Zaloyun iki erkəyinin işidi. Qəfər yenə hirsli vəziyyətdə dilləndi: Ayə, mən səni bir kişi bilirdim, susmaq hər şeylə razılaşmaq deməkdir axı. Daha mən sənin yerinə utandığımdan Öksüzə ayaq basa bilmərəm. On günə kimi Aslan ağa məni öz oğlunun sünnət məclisinə çağırıb, mən hansı üzlə bir də Öksüzə gedim? Aşıq Heydər dedi: Gedərsən Qəfər, gedərsən, Allah kərimdi. Bu dəmdə molla Rza-qulu söhbətə qarışaraq dilləndi: Ay qardaş, axı Qəfərin sözündə həqiqət çoxdur, qanmazı yerində oturtmaq lazım deyilmi? Aşıq Heydər dedi: Onda belə oldu, ay Rzaqulu, mən deyəcəm sən də yaz, ancaq bir şərtlə ki, Qəfər Aslan ağanın məclisinə gedəndə bu kağızı şəxsən mənim adımdan Aslan ağaya versin. Qəfər, hə, indi nə deyirsən? Qəfər dedi: Mən iki əllə razı. Görək Aşıq Heydər aldı nə dedi: Baxın, Məhəmmədin işinə, El içində xar olubdu. Uyubdu şeytan felinə, O xənnasa yar olubdu. El eşidib, özü də bilir, Sanasan ki, kar olubdu. Bəyənmir dostu- tanışı, Bu qurumsaq kor olubdu. Bu dəmdə Qəfər dilləndi: Ayə bu Heydər nə danışır, əməlli başlı söz desənə... Heydər dedi: Qəfər səbrin olsun tələsmə, tələsən təndirə düşər, bir axırına qulaq as. Yenə aldı görək Aşıq Heydər nə dedi: Məşədi iki qoyun verib, Bu gəda quzuya dönüb. Saqqalı bulaşıb yala, Yalquzaq tazıya dönüb. Öksüzdə meydan açıbdı, Deyirlər qazıya dönüb, Vurulub dünya malına, İşi tam ah - zar olubdu. Aşıq Heydər: – Hə Rzaqulu catdıra bilirsənmi? Rzaqulu dedi: Sən lap qılıncını kişinin iliyinə kimi vurdun. Aşıq Heydər dilləndi: Qoy öz möhürümü vurum söz tamamlansın. Doğru söz de, düşün danış, Hədyan demə Heydara. Ağlın qaçıb, huşun itib, Başın vur divara. Yahu, yahu deyə - deyə, Əl atdım Zülfüqara. Adına dastan demişəm, Mahallarda car olubdu. Bu dəmdə Qəfər yenə sözə başladı: Ayə, ay qardaş oğlu, o sənə söyüşlə söz deyib, bir əməlli- başlı söz desən ki. Aşıq Heydər; Ay Qəfər kişi, mən də ona söyüşlə söz desəm, olaram onun tayı, bu el- obada azca da olsa hörmətim var, bu hörməti itrmək istəmirəm axı! Bir də ki, ulağa deyəndə mərifətini göstər, onun nə etdiyini sən məndən yaxşı bilirsən. Hələ sözlərim yarımçıq qalıb. Bir arxasına qulaq as. Yenə Heydər sözə başladı: Yekə - yekə çox danışma, ay gədə, Götür sazı, gir meydana, cəngə gəl. Kəl əvəzi səni də, qoşum kotana, El içində xar eyləyim, təngə gəl. Söz- söhbətin çatıb bizim qazıya, Utan barı, bax yazdığın yazıya. Səni gördüm əhsən dedim tazıya, Buynuzunu sürtmə kələ, cöngə, gəl. Qəfər kişi altdan- altdan gülərək dilləndi: Sağ ol, ay qardaş oğlu, bu lap yerinə düşüdü, bircə Yetər yengəmin yanında üzü qara olduq. Heydər yenə sözə başladı. Qodom oğlu, çox bilirsən, az danış, Danışanda səndən qaçır dost- tanış. Bu millətə nəsib olub aldanış, Yürü, bala, asta yeri, küncə gəl. Aşıq Heydər deyər sözün bu başdan, Döşə tər kababdan, təzə lavaşdan. Canını almamış, sürüş yavaşdan, Geyin, keçin başında bir dingə gəl. Aşıq Heydər sözünü qurtarıb üzünü molla Rzaquluya tuturaq dilləndi: Mən bilən bu sözlər öz ünvanına çatsa, onda Aşıq Məhəmməd öz səhvini başa düşəcək. Amma elə bil ki, nə isə sözlərimdə catışmazlıq var. Axi mən Mərənddən qayıdanda sonra, Güllübulaqlı Aşıq Nəsib mənə əl tutub, bir də ki, Məşədi Zaloyun yaxşıca cavabını verib, qoy üstü örtülü də olsa adını aşıq qoyan Məhəmməd bilsin ki, bu meydanda tülkü kimdi, nər kimdi. Bu dəmdə Aşıq Heydar yenə sözə başladı: Ay aşıq, cənbərək meydanına gəl, Mərifət elmində sirri göstərim. Noxtalıyım, palan salım belinə, Sənə bəyəndiyin yeri göstərim. Saqqalın bulaşıb quymağa - yağa, Xub yaraşır sənin kimi ulağa. Əgər yolun düşsə Güllübulağa, Maral yatağında nəri göstərim. Tapdaladın arada olan hörməti, Aşiq Heydər verdi sənə qiyməti. Bağlayım başına güllü heyratı, Öksüzü gəzdirim, piri göstərim. Hə, əzizlərim, bu əhvalat beləcə başa çatdı. Aşıq Məhəmməd öz səhvini başa düşdü, Aşıq Heydərdən üzr istədi. Böyük ustadlar arasında olan umu – küsü tezliklə aradan qalxdı. Amma bu əhvalat Ağbaba elllərində dastan olaraq dillər əzbəri oldu, yaddaşlardan bu günümüzə kimi gəlib cıxdı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-heyder-revayetler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.