Cığalı təcnislər Aşıq Hüseyn Bozalqanlı (1863–1941) Ay ata-ata Ay bimürvət, aldın şirin canımı, Müjganın sinəmə ay ata ata. Əziziyəm ay ata, Oğlun ölür, ay ata, Başım cəllad əlində, Sözüm keçmir həyata. Qaşın Qüreyşdi, camalın cimdi, Nə gözəl yazılıb ayat, ayata. Bülbül idin qondun qeyri dala sən, Mənim kimi qəm bəhrinə dalasan. Əziziyəm, dala sən, Dara zülfün dala sən Əlif olan qəddimi, Döndərirsən dala sən Məcnun kimi məni saldın dala sən, Xaraba küncündə ay yata yata. Yazıq Hüseyn, eşq oduna yanar hey, Qoynundakı ya turuncdur, ya nar hey. Əziziyəm yanar hey, Dərdin canda yanar hey, Tərlan könlüm havadan, Sona alıb enər hey. Namərd olan səməndindən enər hey, Mərd iyidlər minər ay ata, ata. * * * Ola Könül sevdi gözəllərin xasını, Qasidin əlində naməlum ola. Qarşıda naməlum, Hicran çəkdim naməlum, Rəqib evin yıxılsın, Yurdun olsun naməlum. Bir eyvan otaqda sürəm səfasın, Ağ tər sinəsində nəm əlim ola. Yaxşı olar gözəllərin halalı, Qəvvas çəkər dəryalardan ha ləli. Qarşıda halalı, Sirr ver, görsən halalı. Gözəlin bivəfası Axır canın hal alı. Sən də çalış, haqdan dilə halalı, Haramdan dövlətim, nə malım ola. Aşıq Hüseyn, dərdin yetər bir yüzə, Canan gəlsə canım verrəm bir üzə; Qarşıda bir üzə, Ördək göldə bir üzə, Bağban, yad qoyma bağa, Bir sındıra, bir üzə. Nütfədən qarışan verər büruzə, Nə fitnəsi kəsər, nə məlum ola. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-bozalqanli-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.