Gəraylılar Aşıq Hüseyn Bozalqanlı (1863–1941) Başına dolandığım Səhər-səhər çıx qarşıma, Dur, başına dolandığım! Oğrun gözlə, qıyqaçı bax, Gör, başına dolandığım! Tellərin dönüb kəməndə, Gözəllər olub sərməndə, Qara saçı dal gərdəndə, Hör başına dolandığım! Hüseyndən aldın canını, Apardın din, imanını. Əsirgəmə müjganını, Vur, başına dolandığım! * * * Əlindən Nə qanır, nə qandırır, Dad-aman nadan əlindən. Qoymur ara düzəltməyə, Xuliqan şeytan əlindən. Namərd öldürər acından, Doymaz dünya xəracından, Ələkbər tamah ucundan, Döşədi astan əlindən. Hüseyn oldu işdən halı, Çox çəkildi qeylü-qalı, İki aylıq materialı, Verdilər pünhan əlindən. * * * Geyindi Bahar gəldi, çiçək açdı. Güllər qırmızı geyindi, Çırtıq dəydi, üz qanadı, Xallar qırmızı geyindi. Yarım yuxudan oyandı, İncidi, küsdü, usandı, Barmaq buxağa dayandı, Əllər qırmızı geyindi. Mayiləm mina gərdəna, Ağ bədənə, gül əndama. Zülfünə, qoyubdur xına, Tellər qırmızı geyindi. Qaş oymatdı, qıya baxdı, Könlümün evini yıxdı. Al geyindi, seyrə çıxdı, Çöllər qırmızı geyindi, Yarpaqları güldən təzə, Ağzı qaymaq, dili məzə, Hüseyn, canan gəldi bizə, Yollar qırmızı geyindi. * * * Üstünə Ey nazlı yar, gül yanağın, Xub yaraşır xal üstünə. Gümüş kəmər incə beldə, Düzülübdür pul üstünə. Gördün ki, yarın yar deyil, Çarəsin qılmaq ar deyil, Dünya başına dar deyil, Birini də al üstünə. Hüseyn ağlar zarı-zarı, Azalarmı qəm, qübarı, İtirmişəm nazlı yarı, Durum çıxam yol üstünə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-bozalqanli-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.