Təcnislər Aşıq Hüseyn Bozalqanlı (1863–1941) Tər sinəsinə Təbib təbiətdən yazım gələndə, Saldı qələmini tər sinəsinə, Dedim elm oxuyam, kamala çatam, Alim də oxutdu dərsi nəsinə. Yaxşılar pis işi tərk edə gərək, Xəstə şəfalansa dərk edə gərək, Tər gəzən, dünyadan tər gedə gərək, Tər gül də qoyula tər sinəsinə. Dönməz namərd mərdə yara yetirsə, Təbib neştər vurar yara yetirsə, Hüseyn, həsrət əlin yara yetirsə, Öləndə baş söykə tər sinəsinə. * * * Ya dəyə Nə lazımdır naqabilə söz deyəm, Xatirinə ya dəyməyə, ya dəyə? Sizin olsun, eyvan, otaq, alaçıq, Bizə bəsdir ya kölgəlik, ya dəyə. Pis övlada öyüd verər yaxşı ata, Yaxşı igid, süvar olar yaxşı ata. Kamil ovçu bərəsində yaxşı ata, Keçirəndə ya dəyməyə ya dəyə. Hüseyn deyər mail oldum Gülxara, Geyinmişdir atlas, ziba, gülxara, Qorxuram ki, qismət ola gül xara, Bağban ölə, dal budağı yad əyə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-bozalqanli-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.