Dodaqdəyməz təcnis Aşıq Hüseyn Şəmkirli (1811–1891) Çata-çat Həllac gələr, dağlar atar yayınan, Qayalardan səngi salar çata-çat. Ya qanginən, deyilənə ya inan, Xeyir, şərin çəkəcəklər çata-çat. Dilin dəysə o narazı nara hey, Ərəsətdə atacaqlar nara, hey, Nar içində ha çəkərsən nara, hey, Ətin ərir, əzan yanar çata-çat. Yazıq Hüseyn, yaşın yetdi daha sən, Cəhd elərsən, yekin yetər dəha, sən, Nə anlarsan, nə qanarsan daha sən? Səksən il də dərs alasan çata-çat. * * * Qıj-qıj Qış çiləsi Xıdır İlyas gələndə, Hərlənir gərdişi, ay elər qıj-qıj. Qar selə dönəndə, yaz açılanda, Şaqqıllar leysanı, ay eylər qıj-qıj. Sədağınan qayıdırlar xəyatı, Köhlən deyil, hayla getsin xay atı. Ağlıgərlər qayıdılar xəyatı, Çərxinən hərlənir, ay eylər qıj-qıj. Əğyarına acıqlandı: nəsən ki?! Artdı eşqi, hər yanadı nəsəngi. Səng altında qayırdılar nə səngi, Ayaqda şəcarən, ay eylər qıj-qıj. Hicran oldu aşiqlərin əğyarı, Yar saçında qara yarı, ağ yarı. Qarşı gəlsə Aşıq Söynün ağ yarı, Xəyalı sellənər, ay eylər qıj-qıj! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-semkirli-dodaqdeymez-tecnis İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.