Təcnislər Aşıq Hüseyn Şəmkirli (1811–1891) Dürüst dər məni Ey şahi zülfüqar, Düldüləsüvar, Səndədir dərdimin dürüst-dərməni. Hicran bağçasında xub yetişmişəm, Dərmək istəyirsən dürüst dər məni. Qanana qul, qanmayana yamanam, Baxtı qara ya dostumdu, ya mənəm. Sərrafın dəstində yaqut, yamənəm, Zərgər zərə tutar dürüstdər məni. Aşıq Hüseyn sözün deyər bu dağa, Oxu dərsin əzəl başdan bu dağa. Müxənnəsin təpəsindən buda, ağa, Onlardan yaxşıdı dürüst erməni. * * * Qərəz İbtida əlifdən dərsim alanda, Göstərdilər mənə nə qara yaxşı. Oxudum dərsimi haraya qərəz. Yox aşıq harayına, Xalların harayına. Aşıq Hüseyn nə dedi Dost getdi harayına. Yar üzünə layiqmi hər ayına, Seyrağıb geyinsin nə qara yaxşı, Haləsi yetişsin haraya qərəz. Ələ alıb tiri-kaman atanda, Həllac gəlib bu dağları atanda. Yox aşıq atanı, Müjgan oxun atanı. Aşıq Hüseyn neyləyir, Öz dostunu atanı. Oğul xalis olsa, neylər xalis atanı, Mənsuru çəkdilər nə dara yaxşı, Dağlar səcdə qıldı haraya qərəz. Sevdiyim, cananım gündə gələndə, Büllur pəncərədən gün də gələndə. Aşıq gündə gələndə, Xalın gündə gələndə, Hüseyni yada salıb, Dostu, gündə gələndə. Dost istər ki, dostu gündə gələndə, Otaqda vurulsun nəqqarə yaxşı; Ləzzəti yetişsin haraya qərəz. Aşıq Hüseyn deyər Nizami keçdi, Firdovsi, Füzuli, Nizami keçdi. Aşıq, Nizami keçdi, Xalın nizami keçdi. Aşıq Hüseyn hesaba Gəldi nizami, keçdi. Hesabdar hesabın nizami keçdi, Ömrünü yazarlar nə qara yaxşı, Cəsədim qoyarlar haraya, qərəz?! * * * Nə aləm indi Eşqin şəhərində dəllal olmuşam, Bilmirəm yar üçün nə aləm indi. Siyah zülfün can çəkilmiş kənd üstə, Nə bayraq görsənir, nə ələm indi. Eşq şəhrində ya səni gör, ya məni, Sərraf çəkər ləli-gövhər, yaməni. Öldürürsən pünhan öldür, ya məni, Nə alim eşitsin, nə aləm indi. Mən Hüseynəm həmi dərddən bəyanəm, Eşq əhliyəm, həmi dərddən bəyanəm, İstədim ki, qəm gülünə boyanam, Nə yaşıla çaldım, nə aləm indi. * * * Nə bilər Nəs gündə yaranan nəs günə düşər, Nəs gedər dünyadan nəs aqi bilər. Ömür başa yetsə vaxtın ötürməz, Nə xəstə sağalar, nə saqi bilər. Bağ pozulsa, bağban nara hey yanar, Ağlar, fəğan çəkər, nara hey yanar, Günahkar kimsənə nara hey yanar, Nə kövsəri görər, nə saqi bilər. Hüseyn, əhvalını yara deginən, Təbib yoxdur yara-yara deginən, Gəlməsə sağalmaz yara deginən, Özü eylədiyi nasağı bilər. * * * On beş il Bəlkə məni nəzərindən salan var, Yada salmaz üç il, beş il, on beş il. Heç deməzmi mənim dərdim çəkən var, Həsrət qalar üç il, beş il, on beş il. Dərya elmim vermək olmaz ay ada, Təbib olan, çağır gəlsin aya da, Göz görməsə, ağıl salmaz a yada, Gəl görməyə üç il, beş il, on beş il. Aşıq Söyün qalıb dərd ayağında, Xəstə şəfa bular dərd ayağmda, Ahu seyr eləyər dərd ayağmda, Ovçu gözlər üç il, beş il, on beş il. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-semkirli-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.