Bayatılar Aşıq Mirzə Bilal (1872–1937) Mən aşıq, ləngə bizi, Qəşədi, Ləngəbizi. Qobunun tozlu yolu, Salıbdır ləngə bizi. Mən aşığam Qobuda, Qobustanda, Qobuda. Dönəydim sal daşlara, Qalaydım o Qobuda. Mən aşığam hər saat, Yağsa, yağar bir saat, Su götürər aləmi, Aşıb-daşsa Pirsaat. Mən aşığam, bu dağlar, Bu dərələr, bu dağlar. Yar busəsin görməsəm, Getməz məndən bu dağlar. Mən aşığam yazım var, Baharım var, yazım var. Sənin varın-dövlətn, Mənim isə sazım var. Aşığam, qaravəlli, Qonşumuz Qaravəlli. Sevirəm mən o yarı, Çal gəlsin Qaravəlli. Mixək əkdim, açıldı, Zülf gərdəndən saçıldı. Cürə sazım çalanda Bütün qəlblər açıldı. Yağış yağar Şirvana, Gün doğar hər bir yana, O deyilmi yar gəlir, Şam kimi yana-yana. Şirvan çiçəkdi-güldü, Yağış yağdı, kəsildi, Yarım yola çıxacaq, Hələ gülüzəndədi. Gəl dayanaq yan-yana, Oxuyaq qana-qana, Açıq söz qəlbi qırar, Keçmə həcvü-hədyana. Yetirdim yara zəndi, Gülün bağrı zədəndi , Sən gülsən, mənsə bülbül, Bülbül ki gül üzəndi. Çək mizrabı sazına, Simlər, qoy, gəlsin cana, Görən cavab verərmi, Səsinə-avazına. Xanım xalın dən-dəndi, Pərişanlıq nədəndi, Səsin ağlım apardı, Sözlərinsə üzdəndi. Sənəm qəsd edər cana, Dost yolunda qurbana, Tale qismət edəydi, Bir gələydim Şirvana. Bilal əhli-düzdəndi, Şirvan gülü bizdəndi, Sən Qəşədə qədəm qoy, Qulluq etmək bizdəndi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-mirze-bilal-bayatilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1937). Public domain (author died 1937). Original text only.