Gəraylılar Aşıq Mirzə Bilal (1872–1937) Bitir Aşıq, gəl bir söz yazanda, Zidininə get sətir-sətir. El sənə əhsən söyləsin, Kəlamından yağsın ətir. Qış xislətin qoy qırağa, Çox meyl etmə ağlamağa. İldırım çax yağa-yağa, Bahardan müjdələr gətir. Kəsə et sözü mənalı, Bəzən düzlu, müəmmalı. “Pətəyində” beçə balı, Cana şəfa kimi yetir. Hər çiçəkdə şirə axtar, Ürəyində yansın odlar. Çox uzatma, həcvə çıxar, Bilal, qısa elə, bitir. * * * Elə Tut orucu, qıl namazı, Allahına xidmət elə. Məkkə olsun qibləgahın, Sən haqqa inayət elə. Qəlbini gül kimi saxla, Yaxşını, yamanı yoxla. Cənnət qazan, düzü haxla, Məramını şəfqət elə. Sidqini bağla Allaha, Naümid qoymaz səni mövla, Gecə-gündüz elə dua, Aşkara, həm xəlvət elə. * * * Kəklik Vurulmuşam camalına, Gəl dərdimi qan, a kəklik. Gəlin kimi ayağına, Sən qoymusan xına, kəklik. Başın yaşıl, gözün qara, Oxşayırsan nazlı yara, Qaçma bizdən uzaqlara Qal bu yerdə, sona kəklik. Qış sovuşub yaz gələndə, Qız, gəlinlər gül dərəndə, Onlara gəl qarış sən də, Qaçma məndən yan, a kəklik. Azad dolan bizim yerdə, Son qoymuşuq qəmə, dərdə, Aşıq Bilal məclislərdə Nəğmə desin sana, kəklik. * * * Ola Allah bu zalım divanı Yıxıb bir dəyişərmi ola? İlahidən yanan çıraq Bizim yurda düşərmi ola? Əyilməz möhkəm vüqarım, Tükənməzdir arzularım, Görən, ya Rəbb, intizarım Ürəyimi deşərmi ola? Qan ağlayır tamam hər yan, Tapılmamış dərdə dərman, Boran, çiskin, bu kor duman, Bu dağlardan aşırmı ola? * * * Öldürdü Məni bir qələm qaşlının Nazı öldürdü-öldurdü. Çiyni xurmayı saçlının Sözü öldürdü-öldürdü. Ağ əllərə hana yaxdı, Zülfünü boynuma taxdı, Naz eləyib mənə baxdı, Gözü öldürdü-öldürdü. Yar başına dolanmazdım, Eşq oduna qalanmazdım, Əğyar olsaydı yanmazdım Özü öldürdü-öldürdü. Dəryalarda olar ada, Mənə gəlsin yardan qada, Bilalı yar, bir də bada, Düzu öldürdü-öldürdü, * * * Var Ürəyimiz çiçəklənir, Elin əcəb cəlalı var. İndi bizim insanların Nə dərdi, nə məlalı var. Nələr görür bu gün gözüm, Çalxan, ey ilham dənizim, Gülür könlüm, sazım, sözüm, Nə sorğu, nə sualı var. Yoxdu izi intizarın, Getdi dövrü boran, qarın, Şən ellərin, obaların, Dastan deyən Bilalı var. * * * Dünyadı Ay sevənim, sev məni Dünya bekara dünyadı. Ona uyub küsmə məndən Gəlməyən kara dünyadı. Bilməzsən dostdu-düşməndi, Xəyalı tez dəyişəndi, Qəfildən üzü dönəndi, Etməyən çara dünyadı. Bərkdə-boşda yox hünəri, Verdiyini alar geri, Bilal kimi aşıqları Yandıran nara dünyadı. * * * Düşmüşəm Aman Allah, dada yetiş, Gör, nə bəlaya düşmüşəm. Eşqin odu düşüb cana, Qalıb cəzana düşmüşəm. Günəş üzü, ay sinəsi, Aləmi tutub şöləsi, Baldan şirindi kəlməsi, Canımı cana vermişəm. Qulağında qızıl tana, Zülfünü atıbdır yana, Bilal deyir yardan mənə Gəlib nişana, almışam. * * * Düşüb millət arasına Bu ədavət nədir, balam, Düşüb millət arasına? Dedi-qodu, qeybət, yalan Düşüb millət arasına. Qan-qan deyən, insafa gəl, Nəyə lazım silah-səngər. Köhnə bəla, təzə əngəl Düşüb millət arasına. Yaxşı bilir bütün mahal, Keçsin deyə bu ağır hal Saz götürüb Aşıq Bilal, Düşüb millət arasına. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-mirze-bilal-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1937). Public domain (author died 1937). Original text only.