Divanilər Aşıq Musa (1830–1912) Mərd Xaliq özü Məhəmmədə Göndərdi Quranı mərd. Yüz on dörd əziz surəni, Otuz cüz ayanı mərd. Heç kimsədən bakım yoxdu, Sığınmışam Sübhana. Mən atanın mərd oğluyam, Gəzirəm meydanı mərd. Hər kimə ki mən “can” dedim, Canı canda görmədim. Xudada olan kərəmi Bəninsanda görmədim. Atasına kəc baxanı Bir məkanda görmədim; Nəzər saldım sağa, sola, Dolandım hər yanı mərd. Qafil olam, Aşıq Musa, Kim qalacaq dünyada; Uca könlün alçaq saxla, Havalanma ziyada. Cəhənnəmin maliklərin Gündə yüz yol sal yada. Bağışlanar günahların, Gəl eylə tabanı mərd. * * * Yüküm Ustadımdan dərs almışam, Mim, əlif, daldı yüküm. Dürrü qumaş çəm etmişəm, Yaşıldı, aldı yüküm. Mətahım eyi mətahdı, Neylim yoxdu bazarı, Əgər söz isbata keçsə, Xeyli iqbaldı yüküm. Yığılsın mərdanələr Məclisi xoş eyləsin; Mərd gərək mərdin yolunda Sərin peşkaş eyləsin. Bu gün saqi məclisidi, İstəyən nuş eyləsin; Abi-kövsərdən götürmüşəm, Eyni zülaldı yüküm. Həqiqətdən dərsim aldım, Mərifətdən halıyam; Təriqətdən dərs almışam, Şəriəti tanıyam. İsmimdi Aşıq Musa. Şahi-Mərdan quluyam. Xirdarı var sərf eyləsin, Gör nə cəlaldı yüküm. * * * Yüküm Hikmətindən bağlanıbdı, Dürrə misaldı yüküm. Nə alan var, nə də satan, Cavahir, ləldi yüküm. Hər kim mənlə cəng eyləsə, Eylərəm cəngü cədəl. Dost yolunda can verərəm, Böylə xəyaldı yüküm. Cəng eyləyən tez eyləsin, Qoy ucaldaq biz avaz. Dayanmışam bu meydanda Əlimdə sədəfli saz. Həm uzağam, həm yaxınam, Həm dərinəm, həm dayaz. Həm şirinəm, həm acıyam, Dəymişdi, kaldı yüküm. Təvəkkül ol, aşıq Musa, Sığın qadir sübhana. Cuşa gəlib dərya dilim, Dalğalanır hər yana. Qadirbilən igidlərə Sərin qurban mərdana. Qadirbilməzlər yanında Çıx uzaq yoldu yüküm. * * * Qalmadı Ey fələk, sənin cövründən Xanu xavan qalmadı. Neçə danəndələr getdi, Mətləb qanan qalmadı. Çoxlarının baharını Döndərdin zimistana, Pozuldu baği-bənövşə, Soldu gülşan qalmadı. Hər kimə ki, şərbət verdin, Tez zəhrimar eylədin; Zülmünən yıxdın evini, Taxtını tar eylədin. Beş gün xoşbəxt olanların Sonun bimar eylədin. Nə xəstələr şəfa buldu, Nə də Loğman qalmadı. Kim ilə dostluq elədin, Söylə görüm, başa-baş?! Qəzəbindən xof elədim, Didəm verdi qanlı yaş. Sümüyümə lərzə düşdü, Cismimdə yandı ataş. Qəhrinə baş əyməkdən Musada can qalmadı. * * * Əlif Ey könül, qafil olma Kim mehribandı əlif Nə ərəzdi, nə mürəkkəb, Sirri nihandı əlif. Bir qətrəyə nəzər salsa, Dərya, ümmandı əlif. Bizi yoxdan var eylədi Sladı ruyi zəminə; Həmi aşkar, həmi yəqin, Həmi pünhandı əlif. Qüdrətindən başa gətdi, İnsi, cinni, nar, niran, İbtida Adəmə kimi Xəlq eylədi neçə can. Quran gəldi Məhəmmədə, Möminlər tapdı iman. Nə cismdi, nə cövhərdi, Laşərikdi, laməkan Kalamı isnad buyurur, Əzimi-şandı əlif. Qafil olma, Aşıq Musa, Şirindi dünya malı; Uyma gözəllər şövünə, Tərk eylə bu xəyalı. Puli-Sirat qabaqdadı, Cəhənnəm qilü-qalı. Dilindən dəftər yazılır Hər bir kəsin amalı; Pünhan sirlər aşkar olur, Böylə divandı əlif. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-musa-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.