Gəraylılar Aşıq Musa (1830–1912) Bir gün Könül, ara dostlarını, O da səni gəzər bir gün. İki mirqəzəb əyləşib, Xeyir-şəri yazar bir gün. Ey yükü tunc olan kimsə, Nağdısı verc olan kimsə, Nütfədən kəc olan kimsə, Doğru yoldan azar bir gün. Yazıq Musa eylər dilək, Bu qəm bizi qoymaz gülək. Demədimmi çarxı-fələk Bu dövranı pozar bir gün. * * * Gəzdirir Mənim yarım bu məclisdə Dolanıb cağı gəzdirir. Özü təzə, əldə məzə, Eyvan, otağı gəzdirir. Ləbləri məni məst elər, Kirpiyi cana qəsd elər, Dərib bənövşə dəst elər, Büllur buxağı gəzdirir. Rubəndini üzdən açmaq, Xoşdur onunla danışmaq. Bəxtəvər başına, başmaq, Gültək ayağı gəzdirir. Musa vəsfin söylər saza, Eşidən gəlsin avaza. Yanaqları güldən təzə, Qaymaq dodağı gəzdirir. * * * Gözlər Könlüm gəzib, çox dolanıb, Sən gətirdin dilə, gözlər. Əcəb xoş gündə yaranıb, İnan, yoxdu belə gözlər. Cismimdəki eşq ataşı, Sızıldayır bağrım başı. Selə dönüb eynim yaşı, İrəhm eylə, ala gözlər. Qədəm basıb dur gəl bəri, Biz çəkməyək dərdü səri. Açılsın könlüm dəftəri, Səs yayılsın elə, gözlər. Hamı qınar, deyər nahaq, Ovçun mənəm, durma uzaq. Deyib-gülək axşam-sabah, Nəyçün gedir yola gözlər?! Qonubdur Musanın meyli, Dərdim yenə artdı xeyli. Edib Məcnun, olma Leyli, Salma məni çölə, gözlər. * * * Kəklik Baharın gülşən çağında Nə oxursan, sona Kəklik! Avazın gəldi xoşuma, Yaşayasan sən, a Kəklik! Kəklik məskən salıb daşa, Sürmə çəkib gözə, qaşa. Bu dövranın yetməz başa, Ovçu gəldi, sin, a Kəklik! Musa söz deyər bəsinən, Kəklik ötür həvəsinən. Elə oxudun səsinən, Cuşa gəldi sinə, Kəklik! * * * Mən gedirəm, halallaşaq Mən gedirəm, halallaşaq Gözləginən, yar, yolları. Küsülüsən, gəl barışaq, Açgınan qulac qolları. Bu səfərim Dağıstandı, Bir yanı Təkə türkmandı. Gəlməyimə çox gümandı, Dəyişdirmə xəyallları. Gəzərəm Şəki Şirvanı, Altı ay verrəm vaxtı tanı. Musanın qaşı kamanı, Eyləməyən fəqanları. * * * Nə günahı telli sazın Məclisləri abad eylər, Nə günahı telli sazın? Məlul könüllər şad eylər, Nə günahı telli sazın? Yeki şəcər, yeki demir, Ara vurmur, yalan demir, And içməyir, rüşvət yemir, Nə günahı telli sazın? Fikrini vermir qələmə, Zülüm eyləmir aləmə, Pulunu vermir sələmə, Nə günahı telli sazın? Yoldan çıxıb, yolun azmır, İblis kimi ara pozmur, Molla kimi cadu yazmır, Nə günahı telli sazın? Musa vəsfin söylər saza, Ruh verir gəlinə, qıza, Oxşamır o şeyidbaza, Nə günahı telli sazın? * * * Oldu Ay ağalar, ay qazılar, Görün mənə nələr oldu!? Hücum etdi qəm ləşgəri, Bağrım didər, dələr oldu. Dursan gedək güllü bağa, Bülbüllər qonur budağa. Məcnun olub düşdüm dağa, Yoldaşım ahular oldu. Sən batırdın qəmə, yasa, Ləblərindən mənə busa. Həsrətindən yazıq Musa Daha çətin gülər oldu. * * * Sultanım Bir bivəfa yar ucundan Yetişdim cana, sultanım. Du çeşmi-xumar ucundan Düşdüm zindana, sultanım. Üzündə qoşa xalını, Əmim ləblərin balını. Bir də görsəm camalını, Gəlləm imana, sultanım. Mən olmuşam bəxti qara, Gül meylini verməz xara. Rəhmin gəlsin, yetir yara, – Yazıq Musana sultanım. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-musa-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.