Müxəmməslər Aşıq Musa (1830–1912) Maral Mən səni görəndən bəri Halım pərişandı, Maral! Ləblərin şəhdi-şəkər, Xəstəyə dərmandı, Maral! Açılıb qoynun içi, Bağı-gülüstandı, Maral! Pərvanə cismin oduna, Alışıban yandı, Maral! Dərdbilməz naqis dedi, Dərdbilən inandı, Maral! Ala gözlərin görəndə, Oldum mehriban sənə mən. Gəl əyləş məclisimdə, Eləyim dövran sənə mən. Bir saat otağında Olaydım mehman sənə mən. İxtiyar özündədi, Nə deyim qurban sənə mən. Qıymıram mal deməyə, Can sənə qurbandı, Maral! Kərəmi belə etdiniz, Döndü İsaya, bəsdimi!? Məscidi tərk elədi, Girdi kilsaya, bəsdimi!? Ağladı, dəxil düşdü, Turi-Səmaya, bəsdimi!? Quranı atdı oda, Yandırdı aya, bəsdimi!? Zülüm ərşə dirək oldu Asmana dayandı, Maral! Lənət gəlsin Keşişə, Aləmdə bir səs elədi. İki sevgini bir-birdən Ayırdı, əbəs elədi. Qız getdi, o vermədi, Övladıynan bəhs elədi. Çəkdi din təsibini, Kərəmə qisas elədi. Haqq özü qisas qoymaz, Ədalət divandı, Maral! Sən bir tərsa qızısan, Əlif qəddim dal elədin. Yıxdın könlümün sarayın. Gör necə xəyal elədin. Şəfa üçün mən xəstəyə Ləblərini bal elədin. Göyçəli Aşıq Musanı Dərdindən abdal elədin. Əl mənim ətək sənin, Ölürəm, amandı, Maral! * * * Gilas Camalın görəndən bəri Olmuşam divana, Gilas! Siyah telin ay qabaqda Gör nə əsir yana, Gilas! Zülfünün bircə muyu Dəyər bu cahana, Gilas! Üzün görüb ayrı düşən Qalır yana-yana, Gilas! Sallanışın xanım kimi Layiqsən sultana, Gilas! İlahi bir xəlq eləyib, Sənin kimi gözəl hanı?! Qadirbilən qiymət verər, Ay qız, sənsən gövhər kanı. Endirib saya salmadın Ağanı, paşanı, xanı. Qıya baxdın, canım aldın, Xəstə etdin mən cavanı, Dağıtdın könlüm şəhrini, Elədin viran, a Gilas! Musa tərifini desin, Eşidən eləsin əzbər. Camalını hər kim görsə, Yəqin olar sinədəftər. Hurimisən, pərimisən, Demək olmaz sənə bəşər. Buxaqından ətir gəlir Hesab elə müşkü ənbər. Xəstələrə şəfa verər, Eləyər cavan, a Gilas! * * * Pəri Qaşlarının tağını Bənzətdim kamana, Pəri! Bəşərliyinə təəccübəm, Düşmüşəm gümana, Pəri! Hanı bizim bu mahalda Sənin kimi can, a Pəri! Molla, Seyid görsə üzün Güc verər imana, Pəri! Bir görüşən, ayrı düşən Çəkər əlaman, a Pəri! Bu gözəl peyda olub Azəribaycanda təzə, Afərin zənburuna, Bal bəsləyib şanda təzə. Mələklərin camalını Görürəm insanda təzə. Gəzmişəm, bulmamışam Mislin Dağıstanda təzə. Qazax, qırğız, çeçen, çərkəz Telinə heyran, a Pəri! Mən sənin bərabərin İran, Turanda görmədim. Gəncədə, Qarabağda, Şəki, Şirvanda görmədim. Xoy, Səlmas, Marağa, Təbriz, Tehranda görmədim. Nə ərəbdə, nə əcəmdə Nə Alosmanda görmədim. Qarşıya gözəl sürə, Bəlkə, Gürcüstan, a Pəri! Gələndə yüz nazınan Az qalır ki, canlar ala. Sallanıb sığal verir. Ay qabağa, mah camala. Al yaraşır, şal yaraşır. Gərdəninə qəddü dala. Sən ki qardaşım qızısan, El düşməsin kəc xəyala; Qocaldıb Aşıq Musanı Bu çarxı-zamana, Pəri! * * * Samavar Mən səni çox sevirəm, Bilirsən halım, samavar! Bir əyləş məclisimdə, Cahü cəlalım, samavar! Dağılsın qüssə, qəmim, Dərdü məlalım, samavar! Həmi taxtım, həmi baxtım, Həmi iqbalım samavar! İçindədir abu ataş, Hamı durub tamaşana. Çoxlarına mehribansan, Odur gəlirsən xoşuma. Bir istəkan çay verməsən, Ağlım gələrmi başıma!? Min tümən gəlirim olsa, Çaşar xəyalım, samavar! Başında durub çaynikin, Ətrafında var istəkan. Özü xasdı, bölməsi xas, Bir nişanı zər istəkan Saz çalım, məclisimdə Gəzdirsin dilbər istəkan. Bəlkə, bir az şəfa tapa Bu xəstə canım, samavar! Samavarım, sən coşanda, Ətrafında yar dolanır. Özü zər, libası zər, Qəddi qələmkar dolanır. Çox çəkir o zəhmətin, Buxağında tər dolanır. Bundan artıq söz deməyə Yoxdu kamalım, samavar! Bil ki, sənsiz gün keçirməz Hər kəsin ki, ilacı ar. Padişahdan bəyə kimi Hamının ehtiyacı var. Samavar dövranın açıb, Görün necə xəracı var. Mən sənə peşkaş elərəm Dövlətü malım, samavar! Musa tərifini deyir, Eşidən gəlsin bəhsinə. Qumru kimi zikr elərsən Valeh olmuşam səsinə. Çirkinlər xəcalət çəksin, Gəlməsinlər məclisinə. Qoy sənə qulluq eləsin Bir gözəl xanım, samavar! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-musa-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.