Qoşmalar Aşıq Musa (1830–1912) Balabançı Mən heç öz dərdimi çəkə bilmirəm, Dolanır zamana çaş, balabançı. Bu tərlan ovundan keçə bilmirəm, Töksə də gözümdən yaş, balabançı. Sən Vətənə namə yaza bilmirsən, Düşüb yad ellərdə gəzə bilmirsən. Mən ilə qürbətə dözə bilmirəm, Mən olmuşam bağrı daş, balabançı. Musa yanır bir dildarın ucundan, Canlar alan işvəkarın ucundan. Məni öldürsələr yarın ucundan. Sən bizim ellərə qaç, balabançı. * * * Dağıstanda Ay ariflər, gəlin sizə söyləyim, Gətirir bağçalar bar Dağıstanda. Gül gülü çağırır, çiçək çiçəyi, Alma Dağıstanda, nar Dağıstanda. Dolandım çox yeri, mahalı gördüm, Məhəbbət əhlidi, vəfalı gördüm. Ha yana üz tutdum, səxalı gördüm, Könlün nə istəsə var Dağıstanda. Hər dağdan ucadı Alvızın dağı, Çar tərəfdən axır kövsər bulağı. Çox etdim orada toyu, yığnağı, Namus Dağıstanda, ar Dağıstanda. Gözəlləri dəstə-dəstə gəzirlər, Ay qabağa siyah tellər düzürlər. Baxanda Musanın canın üzürlər, Seçəydi özünə yar Dağıstanda. * * * Dağlar Eşidin, dərdimi sizə söyləyim, Düşmüşəm Vətəndən aralı, dağlar! Aynım açılmadı, üzüm gülmədi, Bu qürbət ellərə varalı, dağlar! Yay fəslində ellər sizdə yaylayır, Bənövşəni dərib dəstə bağlayır. Ovçu gəlib bərəlgəsin ovlayır, Dolanıb axtarır maralı, dağlar! Musa deyər, lalələrin açılsın, Süsən sünbül buxağına saçılsın. Car olsun çeşmələr, suyun içilsin, Ötüşən kəklikli, sonalı dağlar! * * * Dağlar Mən gedirəm, halallaşaq, ayrılaq, Görmüşəm sizlərdə vəfanı, dağlar! Gəzdim, gəşt elədim çəməngahını, Sürdüm çox zövq ilə səfanı, dağlar! Üç ay köysünüzdə yaylayır ellər, Oxuyur kəkliklər, ötür bülbüllər. Açılır min cürə ətirli güllər, Xəstə burda tapar şəfanı, dağlar! Musanın qürbətə bu gedən çağı, Göründü gözünə Çalmalı dağı. Gözəllər yığnağı Sandıq bulağı, İçənin bal dadır dahanı, dağlar! * * * Dəli könül, səndə nələr dolanır Dəli könül, səndə nələr dolanır, Biri qışdı, biri payız, biri yaz. Üç əlamət gözəllər nişanı, Biri işvə, biri qəmzə, biri naz. Coşqun çaylar kimi qaynadım, doldum, Hayva tək saraldım, gül kimi soldum. Gedərikən üç gözələ tuş oldum, Biri qarı, biri gəlin, biri qız. Qürbət eldə kimdi halım soruşan, Ağ üzündə qoşa xal verir nişan. Üç şeydir ki, bu otağa yaraşan, Biri Musa, biri söhbət, biri saz. * * * Dilim Dilim, bu öyüdü sənə verirəm, Çox dünya malına sarışma, dilim. Çalış, sən həmişə öz əməyin ye, Haram mal yeməyə alışma, dilim. Bir məclisə vardın, nitqin olsun lal, Əyləşənlər səndən dərk etsin kamal, Dindirsələr dillən, dinməsən lal qal, Hərcayi danışıb gülüşmə, dilim. Mənim sözlərimi saxla amanat, Sidqinən dost olan tez tapar murat, İstəsən ki, başın ola salamat, Ağzına gələni danışma, dilim. Musa oda alışmayıb, nə lazım? Bivəfayla barışmayıb, nə lazım? Haqqım özü sirr açmayıb, nə lazım? Gəl gördüyün sirri sən açma, dilim. * * * Düşdük Mən sizə söyləyim, duran cavanlar, Bu səfərdə əcəb tufana düşdük. Dörd tərəfi aldı qarlı dumanlar, Maral bulağında borana düşdük. Bad fərman gətirib, elədi tüğyan, Çaşdırdı yolları, dolandıq hər yan. Bir ləhzədə zülmət kəsildi cahan, Orda qırılmağı gümana düşdük. Musanın dərdindən siz olun agah, Bir daşa yoldaşım gətirdi pənah. Üz tutduq Xudaya, biz tapdıq irah, Yüz yol “llah” dedik, amana düşdük. * * * Eyləyir Bozmolladan baxdım dağlar başına, Gördüm bulud göydə fəqan eyləyir. Baxırsanmı sən qəzanın işinə, Boran yolu kəsib tüğyan eyləyir. Dağların başını duman alıbdı, Görünməz irahlar qarda qalıbdı. Dedim ki, vaxtımız tamam olubdu, Bad fərman gətirib, tufan eyləyir. Musa deyər, kimlər gələr sorağa, Kim nə bilir biz gəlmişik bu dağa. Yıxılıb yoldaşım, durmur ayağa, Özünü bir daşa mehman eyləyir. * * * Göyçənin Siz eşidin vəsfi-halın söyləyim, Yaxşı camaatdı eli Göyçənin. Adamları saf məhəbbət əhlidi, Cənnətdi çəməni, çölü Göyçənin. Hər yerdə söylənir Göyçənin adı, Səfalı yaylağı, qurğu busatı. Sürüynən erkəyi, ilxıynan atı, Nə çoxdu dövləti, malı Göyçənin. Hər dağdan ucadı Çalmalı dağı, Car olub köysündən Qumlubulağı. Əziz saxlayırlar gələn qonağı, Dad verir dahana balı Göyçənin. Musanın sözlərin eyləyin əzbər, Yazılsın kitablar cəm olsun dəftər. Gəzəsən kəndbəkənd, şəhərbəşəhər, Deyəsən necədi halı Göyçənin. * * * Gülə-gülə Xudam səni nə xoş gündə yaradıb, Salıbdı cahana, ay gülə-gülə. Gözəllikdə Yusif sənə tay olmaz, Almısan qüdrətdən pay, gülə-gülə. İnanmıram müşkül işlər düzələ, Təbib sənsən, gəl yaramı təzələ, Mən nə deyim sənin kimi gözələ, Elədin ömrümü zay gülə-gülə. Uca boylu, tuti dilli bəxtəvər, Sənə qurban evim, malım, hər nə var, Aşıq Musa deyər, gül yanaqlı yar, Sən getir, mən içim çay gülə-gülə. * * * Güllər Başına döndüyüm, ay mələkzada, Gözəllər içində növrəstə Güllər. Eşqin şərabından oldum fəramuş, Rəhm eylə mən yazıq sərməstə, Güllər! Pərvanəyəm, eşq ataşın məndədi, Məhşərədək yanar, keçməz, candadı. Gözəllikdə neçə nişan səndədi, Boyundu qüdrətdən bir bəstə, Güllər. Gözüm açdım, mail oldum bir gülə, Bir bülbülü həmrah gördüm bir gülə. Dərd qoymadı yazıq Musa bir gülə, Nə sağ demək olmaz, nə xəstə Güllər. * * * Getdi Bir ah çəkdim, sinəm üstə dağ düşdü, Dilimin hər yana sədası getdi. Bağban öldü, bağ pozuldu, gül soldu, Şövqlü könlümün həvəsi getdi. Yay fəslidi yaylaqları görməyə, Çeşmə üstə səfaların sürməyə. Bənövşə açılıb, onu dərməyə Gözəllərin neçə dəstəsi getdi. Aşıq Musa yenə düşdü gümana, Kirpiyi peykandı, yerişir qana. Bimürvət oxuna qoydu nişana, Yaraladı, cismim xəstəsi getdi. * * * Gələydi Xaliqi-ləmyəzəl edəydi imdad, Həsrət gözüm intizarı gələydi. Olaydı laləzər, açaydı güllər, Zimistanın novbaharı gələydi. Baharın havası əridə qarı, Açıla çeşmələr, axa suları . Oynaya buludlar, yağdıra barı, Dərya kimi dalğaları gələydi. Açıla dağların hər cür lalası, Bənövşənin ətri, zövqü səfası. Moc verir könlümdə eşqin dəryası, Coşqun çaylar kimi carı gələydi. Göyərə bağçada süsən sünbüllər, Ətrafında gəzə şeyda bülbüllər. Uzana tənəklər, açıla güllər, Bağban istədiyi barı gələydi. Pünhanda dərsimi veribdi ustad, Göstərib yerbəyer, eyləyib bələd. Virana könlünü eyləyən abad Bir Musanın ümidvarı gələydi. * * * Gəldimi Başına döndüyüm, a Nərgiz xanım, Məclisinə qeyri-canan gəldimi? Sənə qurban olsun bu şirin canım, Qəddi mina, qaşı kaman gəldimi? Könlüm çox istəyir, uzaqdır aram, Çətin bu yaradan mən də qurtaram. Loğmansız xəstəyəm, qurtarmaz yaram, Söylə görüm həkim Loğman gəldimi? Öz adım Musadı, mən bəxti qara, Heç bəndə düşməsin belə azara. Bulunmaz, dərdimə qılınmaz çara, Söylə görüm, dərdə dərman gəldimi? * * * Görüşməyə Könlüm pasıbandı səri-kuyində, Səni arzulayır, yar, görüşməyə. Gecə-gündüz fikri-xəyalım budur, Çox çəkirəm intizar görüşməyə. Xaliqi-ləmyəzəl eyləyə nüsrət, Gəzə ortalıqda şirin məhəbbət. Açıla nabahar, biz çəkə ləzzət, Gətirə bağçalar bar görüşməyə. Aşıq Musa deyər ay nuri-didar, Məhəbbət aləmi canda var havar. Qəlbim yada salıb eyləyir qubar, Ümidim bir haqqa var görüşməyə. * * * İndi A bimürvət, mən ha səndən ötəri Düşmüşəm çöllərə, sayılam indi. Can çıxdı cəsəddən, sən aşkara gəz, O mah camalına mayılam indi. Leyli-Məcnun kimi bəlaya tuşam, Mən sənin dərdindən Vətənsiz quşam. Mey ki içməmişəm, niyə sərxoşam, Əməm ləblərindən, ayılam indi. Sənsiz bu dünyada gəzmək əbəsdi, Ruhum gedib, cismim quru qəfəsdi. Bu dərdü möhnətin Musaya bəsdi, Öldürürsən, öldür, qayılam indi. * * * Köynəkcək Səhər vaxtı zəhmət vermə özünə, Ay qabaqlı, qələm qaşlı köynəkcək. Qoyma sabah yeli dəyə üzünə, Uzun boylu, qara saçlı köynəkcək. Qaşlarının tağı bənzər mehraca, Ağ çit tuman gövdəsində alaca. Sinən bəyaz, məmələrin balaca, Sərxoş durur xoş baxışlı Köynəkcək. Musa deyər, ürəyimi əzərsən, Eşqə düşüb, ömür bağın üzərsən. Vaxt yetişər bağ içində gəzəsən, Bahar deyil, hələ qışdı, köynəkcək. * * * Mən Bilin, bu yerlərdə ədalət yoxdu, Heç bilmirəm, kimə gedim dada mən. Sızıldaşır yaram, təbibim yoxdu, Bayqu kimi eyləyərəm səda mən. El içində bəxti qara mən oldum, Mansır tək çəkilən dara mən oldum. Dərd əlindən hazar para mən oldum, Səbəb nədi, heç düşmürəm yada mən? Musanın könlünə düşübdür güman, Pünhan qaldı sözüm, olmadı bəyan. Dadıma çatınca ədalət divan, Tabım yoxdu, alışacam oda mən. * * * Mən istərəm bu meydanda nər indi Ay ağalar, gəlim sizə söyləyim, Mən istərəm bu meydanda nər indi. Sinəmin dəftərin izhar eyləyim, Arif olan ər gərəkdi, ər indi. Sevdalı sərimdə eşqin havası, Yandırır cismimi onun nidası. Çalxanır könlümdə eşqin dəryası, Boylama ki, dərinlərdən dərindi. Aşıq Musa dərsin alıb bir pirdən, Mətləbi zəbərcəd, kalamı dürdən. Gözləri cananı görəndə hərdən, Ağlı çaşır, tab eyləmir sər indi. * * * Mənə Dilbər Qız, belə gəzməyin aşıq öldürür, Telindən tel ayır sat mənə, Dilbər! Sinəm nişanadı, ağrımaz bədən, Atırsan yay-oxun at mənə, Dilbər! Bar-ilahi belə gözəl sağ olsun, Cilvələnsin bəxti, günü ağ olsun! Həsrət ölsəm, qoy sinəmdə dağ olsun, Belə tənbehləri tut mənə, Dilbər! Musa deyər bu sözləri o dona, Mən müştaqam o libasa, o dona. Alışsın oymağın, düşsün od ona, Əgər ki, sən desən “get” mənə, Dilbər! * * * Məndən Gecə-gündüz ahu kimi mələrəm, Yetişirmi sənə nalalar məndən?! Fərhad olub, dağı-daşı dələrəm, Hürküşür göllərdə sonalar məndən. Mən nə desəm, sən incimə dilimdən, Sübhə kimi aləm yatmaz ünümdən. Bir öpəydim yanağının gülündən, Usanıb qönçələr, lalalar məndən. Musa deyir, bu sözümdən küsmə sən, Təbib olub, qədəmlərin basmasan . Öz əlinlə yaralarım açmasan, Öldürər, qurtarmaz yaralar məndən. * * * Ola Gözəli sevəsən cavan çağında, Alma yanaq, gül buxağı ağ ola. Doyunca əməsən dilin dodağın, Zülfü dal gərdəndə bir qucaq ola. Oturub-duranda bilə mərfəti, Əlində saxlaya məzə şərbəti, Yatasan, çəkəsən dünya ləzzəti, Uzana gecələr, gec sabah ola. Dərdini anlaya, qədrini bilə, Əlində məhraba, istəkan silə. Alçaqdan danışa, ucadan gülə, Geyinə, sallana, damaq çağ ola. Şeyda bülbüllərin ötüşən çağı, Qolundan tutasan, gəzəsən bağı. Ağzına salasan qaymaq dodağı, Öpəsən, qucasan gen qabaq ola. Musa deyər, ləbləri qənd yaxşıdı, Boyu uca, zülfü kəmənd yaxşıdı. Bu sözlərin yeri xəlvət yaxşıdı, Alt-üstü ləmpəli bir otaq ola. * * * Olmaz Bir gözəl görmüşəm Göyçə elində, Yüz min gözəl ona bərabər olmaz. Yüz min əbrü kaman gəlsə behiştdən Bunca əbrü kaman mötəbər olmaz. Göz baxanda doymaz belə ceyrandan, Görsə ixtiyarlar, çıxar imandan. Yanaqları şölə verir hər yandan, Ərş üzündə belə bir qəmər olmaz. Musa gəldi, kəndlərində qalmadı, Şirin canın eşq oduna salmadı. Heç yaşınıb bizdən, yaşmaq almadı, Bir belə ev yıxan bəxtəvər olmaz. * * * Ovçu Kamil ovçu daldalandı pünhana, Gözləyir ki, gəlsin maralı ovçu. Düzəldib xədəngin qurdu nizama, Gətirsin nışana maralı ovçu. Biz müştaqıq sona kəklik səsinə, Yaxşı ötür bir-birinin bəsinə. Ovçu, ovun gəldi bərəlgəsinə, Qoymaynan addasın maralı, ovçu. Qulaq asın siz Musanın səsinə, Hər kəs də aşiqdi öz peşəsinə. Marallar hürküşdü güllə səsinə, Qaçırtdı əlindən maralı ovçu. * * * O görükən dağlar sizin dağlardı Başına döndüyüm, a Nərgiz xanım, O görükən dağlar sizin dağlardı. Fikirim, xəyalım, elmim, gümanım, O görükən dağlar sizin dağlardı. Atuçan, Daşlıçay, Çiçəkli, Lilpar, Qoy deyim yerbəyer, dinarbədinar. Yanında görünən künbəzli minar, O görükən dağlar sizin dağlardı. Gəzib o yerləri, Musadır halı, Sədrinin yaylağı, Əyrinin yolu. Çimən tamaşalı Düşəlgə gölü, O görükən dağlar sizin dağlardı. * * * Siz indi Gündoğan tərəfdən əsən badlar, Eləməyin bu boranı siz indi. Açılsın gədiklər, görünsün yollar, Sakit edin bir tufanı siz indi. Yandırmayın bu boranın oduna, Yetən yoxdur fəryadına, dadına. And verirəm bir Allahın adına Eləməyin nahaq qanı siz indi. Həmişə dilimdə eylərəm əzbər, Tufanda, boranda sənsən irəhbər. Yetiş dadımıza, Xızır peyğəmbər, Ol Musanın pasibanı siz indi. * * * Sənsən A bimürvət, soruşmadın halımı, Artıran möhnəti, məlalı sənsən. O süzgün baxışın alır canımı, Sərəfraz dağların maralı sənsən. Mail oldum ağ sinənin ağına, Girəydim qoynuna – Cənnət bağına. Əl ataydım Şamamanın tağına, Dağıdan fikrimi xəyalı sənsən. Musa deyər, mənəm bəxti qaralı, Dərmandı xəstəyə ləblərin balı. Səni sevən neylər dövləti, malı, Malı, mülkü cahü cəlalı sənsən. * * * Sinəsin Tər köynəkdə qızıl düymə, yaxalıq, Gərdiş edir o dildarım sinəsin. Yetir mətləbimə məni, ya xalıq, Öpüm, qucum nazlı yarın sinəsin. Gözüm qaldı boynundakı bağlarda, Nazlı yar yaramı açar, bağlar da. Fağır bülbül nalə çəkir bağlarda, Gül köysünə söykər xarın sinəsin. Yandırdı cismimi büryan eylədi, Ala gözlər bağrımı qan eylədi. Peykan kirpikləri şan-şan eylədi, Musa təki kamandarın sinəsin. * * * Sultan Bir gözəlsən, tək gəlibsən dünyaya, Qaşları qüdrətdən qaralı Sultan! Camalın şöləsin bənzətdim aya, Əgər alim görsə, saralı, Sultan! Səni sevən neylər dövləti, malı, Huşu başdan gedər, çaşar xəyalı. Düşər bu çöllərin olar abalı, Ölənədək gəzər yaralı, Sultan! Eşitginən sən Musanın sözünü, Həsrət çəkər, bir də görə üzünü. Mən sevmişəm sənin ala gözünü, Sərəfraz dağların maralı Sultan! * * * Var Ay ağalar, gəlin sizə söyləyim, Unutmam, dilimdə bir əzbərim var. Mən deyim sözümün sağın aşikar, Açılmış sinəmdə bir dəftərim var. Gördüm bu dünyanın zövqü səfasın, Oxudum dərsimi, çıxdım hecasın. Anladım hürufun məddi-mənasın, Yerbəyer dərs verən irəhbərim var. Musayam, sözümün budur mənası, Hər yana şox salır qəlbin nidası. Moc verir könlümdə eşqin dəryası, Coşub dalğalanan bəhrü bərim var. * * * Varmı Ala gözlü, uca boylu şahzada, Şah sənsənmi, səndən qeyri şah varmı!? Səni sevən malı neylər dünyada, Qaşlarından özgə qibləgah varmı!? Boyun görən keçər candan sərbəsər, Dilim bir dəryadı, sinən bir dəftər. Camalın aləmi edib münəvvər, Bundan şərafətli mehrü mah varmı!? Qamətin hüsnünə qıldım ibadət, Qaşların tağına edim ziyarət. Zülfünün muyundan qurulsa Sirat, Günahkar Musaya bir irah varmı!? * * * Yatmışdım, guşuma gəldi bir səda Yatmışdım, guşuma gəldi bir səda, Oyandım, əyləşib bir alişan şah. Durdum, salam verdim, mən oldum agah, Dedi: nə yatıbsan, qümbeyi-zinallah?! Allahın izniylə mənə dur dedi; Buyurdu Qənbərə: “badə ver”, – dedi. Şəhadət barmağın tutdu, “gör”, – dedi, Göstərdi bir cavan, eylədi agah. Agah oldum, mən görəndə yarımı, Unutdum ağlımı, hişü səriəni, Külli dövlətimi, tamam varımı Dedi qorxma, qorxma, mənəm Seyfullah. Seyfullah deyəndə, mən oldum bələd, O dəmdə payına etdim ziyarət. Ağıl çıxdı başdan, oldum bitaqət, Dilimdə dolandı “lailahəilləllah”. Lailahəilləllah dilimdə bu gün, Yerlərə ləngərdi, göylərə sütun. Çəkib Zülfüqarı, aşkar etdi din, Haqqa dost olana göstərdi irah. İrahınan gedən bulmaz müşgülü, Bir ismin “hələta”, bir ismin “Vəli”. Cəbrayılın ustadısan, ya Əli! Sirlərini kimsə bilməz cabəcah. Cabəcah deməkdə haqqa aslansan, Pərdeyi-hicabda alma bölənsən. Mehracın yolunda xatəm alansan, Səni necə əziz xəlq etdi Allah! Allahın şirisən, özün pürhünər, Yahu deyib, zikr edərdi Zülfüqar. Tamaşaya durdu göydə mələklər, Hüsnündən dərc oldu nuri təcəllah. Nuru görən ömrü gedər yüz ilə, Neçə qatar nər-mayası düzülə. Bir saatda yüz min dəftər yazıla, Vəsfin boşa gəlməz vallahü billah. Billahi sənsən vəsfdə aşkar, Dəstimlə paylanır saqiyi-kövsər. Aləmi xəlq edən ya pərvərdiyar, Səndə rəhm çoxdu, Musada günah. * * * Tərlan Tovuz kimi sığal verib özünə, Düzübsən telini qabağa, Tərlan! Behiştdə bəstənmiş bir cüt lalanı Xudam bəxş eləyib yanağa, Tərlan! Nə gözəl yaradıb barı xudaya, Kirpiklərin oxudur, qaş bənzər yay. Ölümcül xəstələr gələr şəfaya, Bir yol üzün sürtsə buxağa, Tərlan! Halı olsan bir Musanın halından, Doymaq bilmir sənin mah camalından. Əmən ölməz ləblərinin balından, Qənd əzilib dilə, dodağa, Tərlan! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-musa-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.