Təcnislər Aşıq Musa (1830–1912) Ay üzə-üzə Ay ağalar, çeşmim yaşı sel oldu, Çalxanır sonalar ay üzə-üzə. Mərd sözünü deyər mərdü mərdana, Namərd saxlar sözün ay üzə, üzə. Nazlı dilbər əldə tutub nə saqı, Dərd çəkənin nə bimarı, nə sağı. Ala gözlər mənə eylər nasağı, Kəc baxır, ömrümü ay üzə-üzə. Aşıq Musa deyər, yetibdi dərdim, Məni bu qürbətə atıbdı dərdim, Səksəni, doxsanı ötübdü dərdim, İndi də yetişib a yüzə, yüzə. * * * De bir üz, bir üz Arif olan, diqqət elə, fəhm elə, Qövr eylədi yaram de bir üz, bir üz. Fələk saldı məni hicran xəstəsi, Yatıram yan yerdə de bir üz, bir üz. Yaralıyam, çətin qallam bu yaza, Ərz eliyəm, dərdi-dilim bu yaza. Yetir xəbərimi gərdən bəyaza, Görünsün gözümə de bir üz, bir üz. Aşıq Musa, səni dərd az alımı? Görüm düçar olsun dərdə zalımı! Dərmansız xəstədən dərd azalımı? Loğman tək deyirəm de bir üz, bir üz. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-musa-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.